NATO

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) tərəfindən qəbul edilmiş qərarlar Müdafiə Planlaşdırması Komitəsi və Nüvə Planlaşdırması Qrupu


NATO Baş Qərargahı
Brüssel, 27 may 1992-ci il

Yekun Kommünikesi

Müzakirələrimiz zamanı biz keçmiş Yuqoslaviyada və Dağlıq Qarabağ və Naxçıvan da daxil olmaqla kənarlarında mövcud olan münaqişələrlə bağlı dərin narahatlığımızı bildirmişik. Biz hərbi əməliyyatların dayandırılması və məsələlərin sülh yolu ilə nizamlanmaları istiqamətində BMT, ATƏM və Avropa İttifaqı tərəfindən edilən müxtəlif səyləri tamamilə dəstəkləyirik. Biz aidiyyəti olan tərəfləri münaqişələrə son qoymağa çağırırıq.

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Oslo, 4 iyun 1992-ci il

Yekun Kommünike

Biz Avro-Atlantika regionunun müxtəlif yerlərində davam edən zorakılıq və dağıntılarla bağlı dərin narahatlığımızı bildiririk. Bu, bizim bütün Avro-Atlantika regionunda sadiq olduğumuz sülh və sabitliyə tamamilə ziddir. Biz Avropada sülh və əməkdaşlığa əsaslanan qaydanın bərqərar edilməsi istiqamətində səylərimizə mane olmamağı üçün azğın milliyyətçilik və mübahisələrin zor yolu ilə həll edilməsi cəhdlərinin qarşısının alınması məqsədilə əlimizdən gələni edəcəyik. Biz keçmiş Yuqoslaviya ərazisində mövcud olan və Dağlıq Qarabağda mərkəzləşən münaqişələrlə bağlı narahatlığımızı ifadə edən ayrıca bəyanatlar vermişik.

 

Şimali Atlantika Əməkdaşlıq Şurası Oslo,

5 iyun 1992-ci il

Bəyanat

Biz, həmçinin, Dağlıq Qarabağ və onun kənarlarında olan böhranın gedişində döyüşlərin intensivləşməsi, insan tələfatının, iztirabların və dağıntıların artması ilə bağlı dərin narahatlıq hissi keçiririk. Biz Minskdə ATƏM-in Konfransının çağırılması qərarını, bu Konfransın uğurla nəticələnməsi üçün Romada ilkin toplantının keçirilməsi kimi addımları və bu münaqişənin sülh yolu ilə nizamlanması ilə bağlı ATƏM çərçivəsində görülən bütün tədbirləri alqışlayırıq. Bu məqsədə nail olmaq üçün öz töhfəmizi verəcəyik və aidiyyəti olan tərəfləri də eyni tədbir görməyə çağırırıq. Biz sülh prosesinə töhfə vermək məqsədilə ATƏM çərçivəsində regiona vaxtlı-vaxtında müşahidəçilərin yerləşdirilməsinə dair razılıq əldə edilməsi istiqamətindəki səylərini dəstəkləyir və Şuramızın üzvlərinin həmin missiyanın işində iştirak etməyə hazır olduğunu bildiririk.
Biz aidiyyəti olan bütün tərəfləri sülh yolu ilə nizamlanma danışıqlarına mühüm töhfə verən səmərəli atəşkəs əldə etməyə çağırırıq. Biz eyni zamanda, tərəfləri hər iki münaqişələrin qurbanları üçün təcili tələb olunan humanitar yardımın çatdırılması üçün müvafiq şəraiti təmin etməyə çağırırıq. Biz güc işlədilməsi vasitəsilə ərazilərin əldə edilməsi, sərhədlərin dəyişdirilməsi və ya siyasi məqsədlərə nail olunması üçün hər hansı cəhdin qəbul edilməz olduğunu və bu cəhdin əhəmiyyətli olan uzunmüddətli, danışıqlara və dinc nizamlanmaya əsaslanan səylərə yalnız xələl gətirdiyini xüsusilə vurğulayırıq.

 


Şimali Atlantika Şurası Nazirlərin görüşü M-NAC-2(92)106 NATO Baş Qərargahı Brüssel, 17 dekabr 1992-ci il

Yekun Kommünike

Biz Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən döyüş əməliyyatları ilə əlaqədar dərindən təəssüflənirik. Biz aidiyyəti olan tərəfləri səmərəli atəşkəsə nail olmağa çağırırıq. Biz BMT və ATƏM-in prinsiplərini, habelə hazırki münaqişə ilə əlaqədar ATƏT-in addım və qərarlarını tam şəkildə dəstəkləyirik. Biz hesab edirik ki, Minskdə keçirilməsi təklif edilən ATƏM-in Konfransı bu münaqişənin sülh yolu ilə nizamlanması üçün bilavasitə imkan yaradır və biz Roma görüşü çərçivəsində başlanmış işin davam etdirilməsi əsasında konfransın çağırılması ilə bağlı səyləri dəstəkləyirik.

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü M-NAC-19(93)38 Afina, 10 iyun 1993-cü il

Yekun Kommünike

Biz bir sıra regional məsələlər, xüsusilə də ATƏM-in Dağlıq Qarabağ üzrə Konfransının məşğul olduğu münaqişəni və keçmiş Sovet İttifaqı ərazisində digər gərginlik mənbələrini, habelə Baltik dövlətləri ərazisindən xarici dövlətlərə məxsus qüvvələrin çıxarılmasının tezliklə başa çatdırılmasının zəruriliyini müzakirə etmişik. Biz sabah Şimali Atlantika Əməkdaşlıq Şurasının Əməkdaşlıq Tərəfdaşları ilə də bütün qeyd edilən məsələlərə dair məsləhətləşmələr aparacayıq.

 

Şimali Atlantika Əməkdaşlıq Şurası Mətbuat üçün Kommünike M-NACC-1(93)39 Afina, 11 iyun 1993-cü il

Bəyanat

Minskdə Dağlıq Qarabağa dair ATƏM Konfransının keçirilməsi planı münaqişənin daimi həlli yolunun tapılması və Ermənistan və Azərbaycan arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün ən yaxşı imkan təklif edir. Biz bütün ölkələr və münaqişə tərəflərinin tam və ləngitmədən yerinə yetirilməli olduqları BMT TŞ-nın 822 saylı qətnaməsini tamamilə dəstəkləyirik. Biz hərbi əməliyyatların dərhal dayandırılması, bütün işğalçı qüvvələrin Kəlbəcər və son zamanlarda zəbt edilmiş digər Azərbaycan rayonlarından çıxarılması, beynəlxalq humanitar yardım səylərinin maneəsiz çatdırılması, məcburi köçkünlərin yaşayış yerlərinə geri dönmələri üçün zəruri şəraitin yaradılması və danışıqların bərpa edilməsinə çağırırıq. Biz ATƏM-in Minsk Qrupunun Sədrinin Minsk prosesi çərçivəsində sülh planının həyata keçirilməsi məqsədi daşıyan təşəbbüsünü dəstəkləyir və tərəfləri onu qəbul etməyə çağırırıq.

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-1(94)3 NATO Baş Qərargahı Brüssel, 11 yanvar 1994-cü il

Dövlət və Hökumət Başçılarının Bəyannaməsi

Cənubi Qafqaz regionundakı vəziyyət xüsusi narahatlıq doğurmaqda davam edir. Biz ərazilərin əldə edilməsi üçün güc işlədilməsini pisləyirik. Ermənistan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə hörmət edilməsi regionda sülh, sabitlik və əməkdaşlığın bərqərar olunması üçün əhəmiyyət kəsb edir. Biz bütün dövlətləri mövcud problemlərin həll edilməsi ilə bağlı BMT və ATƏM-in himayəsi altında həyata keçirilən beynəlxalq səylərə qoşulmağa çağırırıq.

 


Şimali Atlantika Əməkdaşlıq Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-1(94)48 İstanbul, 10 iyun 1994-cü il

Bəyanat


Biz əminik ki, Dağlıq Qarabağ üzrə Minskdə ATƏM Konfransının keçirilməsi planı, davam etməsi dərin narahatlıq mənbəyi olan münaqişənin ədalətli və davamlı nizamlanması üçün müvafiq vasitələr təklif edir. Biz bir daha vurğulayırıq ki, münaqişə hərbi vasitələrlə deyil, yalnız ATƏM prinsipləri və BMT Nizamnaməsinə hörmətə əsaslanan danışıq yolu ilə nizamlanma və Ermənistan və Azərbaycan və regionun bütün ölkələri arasında yaxşı qonşuluq munasibətlərinin yaradılması yolu ilə həll edilə bilər. Biz ATƏM-in Minsk Qrupunun fəaliyyətini tam şəkildə dəstəkləyirik. Biz bu məqsədlərə nail olmaq üçün ATƏM-lə əməkdaşlıqda göstərilən bütün vasitəçilik səylərini alqışlayırıq. Biz razıyıq ki, BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq hərbi əməliyyatlarının dayandırılması, zor vasitəsilə işğal edilmiş ərazilərdən qoşunların çıxarılması və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması daxil olmaqla, güzəşt mühitində əldə edilən atəşkəs və konstruktiv danışıqlar daimi nizamlanma ilə nəticələnən mərhələli sülh prosesi üçün mühüm əhəmiyyət kəsb edir. Biz həlli uzanmış münaqişənin daimi nizamlanmasını sürətləndirmək məqsədilə bu regiona ATƏM müşahidəçilərinin göndərilməsini dəstəkləyirik.

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü NATO M-NAC-2(94)116 NATO Baş Qərargahı Brüssel, 1 dekabr 1994-cü il

Yekun Kommünike

Biz ATƏM-in Dağlıq Qarabağ və onun ətrafında mövcud olan münaqişənin sülh yolu ilə nizamlanması sahəsindəki səylərini tamamilə dəstəkləyirik. Bu ATƏM prinsiplərinin praktiki tətbiqi istiqamətində bütün İştirakçı Dövlətlərin siyasi qətiyyətinin nümayiş etdirilməsi üçün yaxşı fürsət olacaqdır.
Cənubi Qafqazda mövcud olan vəziyyət xüsusi narahatlıq doğurmaqda davam edir. Biz əldə edilmiş atəşkəsi alqışlayır, lakin hesab edirik ki, regionda, xüsusilə də Dağlıq Qarabağ və onun ətrafında, cərəyan edən münaqişələrin dinc və ədalətli nizamlanması yalnız BMT-nin himayəsi və ATƏM-in mexanizmləri vasitəsilə həyata keçirilə bilər. Ümid edirik ki, ATƏM Dağlıq Qarabağa dair sülh prosesinə səmərəli, o cümlədən 1992-ci il Helsinki Sənədinin 3-cü Fəslinin prinsiplərinə əsasən ATƏM-in beynəlxalq sülhüqoruma əməliyyatının yaradılması vasitəsilə tövhə vermək iktidarında olacaqdır.

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-1(95)48 Nordvik, 30 may 1995-ci il

Yekun Kommünike

Cənubi Qafqazda mövcud olan vəziyyət xüsusi narahatlıq doğurmaqda davam edir. Biz Dağlıq Qarabağ ərazisində davam edən atəşkəsin ümumilikdə səmərəli olmasını alqışlayırıq. Biz, Dağlıq Qarabağ və onun ətrafında mövcud olan münaqişənin siyasi nizamlanmasına nail olmaq istiqamətində Minsk Qrupunun səylərini dəstəkləyirik ki, bu nizamlanma, digər şərtlərlə yanaşı, Budapeşt Sammitində əldə edilmiş razılığa əsasən ATƏT-in beynəlxalq sülhməramlı qüvvələrinin yerləşdirilməsinə imkan verəcəkdir.

 


Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-2(95)118 NATO Baş Qərargahı Brüssel, 5 dekabr 1995-ci il

Yekun Kommünike

Biz, Dağlıq Qarabağ və onun ətrafında mövcud olan münaqişənin siyasi nizamlanmasına nail olmaq istiqamətində Minsk Qrupunun davam edən səylərini dəstəkləyirik ki, bu nizamlanma, digər şərtlərlə yanaşı, Budapeşt Sammitində əldə edilmiş razılığa əsasən ATƏT-in beynəlxalq sülhməramlı qüvvələrinin yerləşdirilməsinə imkan verəcəkdir.

 

Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-1(96)63 Berlin, 3 iyun 1996-cı il

Yekun Kommünike

Biz Dağlıq Qarabağ və onun ətrafında mövcud olan münaqişənin siyasi nizamlanmasına nail olmaq istiqamətində Minsk Qrupunun səylərini dəstəkləyirik.


Şimali Atlantika Şurası Nazirlərin görüşü Mətbuat üçün Kommünike M-NAC-2(96)165 NATO Baş Qərargahı Brüssel, 10 dekabr 1996-cü il

Yekun Kommünike

Bütün dövlətlərin demokratik və iqtisadi inkişafı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü Avro-Atlantika məkanında sabitlik və təhlükəsizliyin mühüm amilləridir. Biz özünün müxtəlif missiyaları vasitəsilə bir sıra regional münaqişələrdə vasitəçilik səyləri həyata keçirdiyinə görə ATƏT-i təqdir edir və Milli Azlıqlar üzrə Ali Komissarın dəyərli işini yüksək qiymətləndirik. Biz Dağlıq Qarabağ və onun ətrafında mövcud olan münaqişənin siyasi nizamlanmasına nail olmaq istiqamətində Minsk Qrupunun səylərini dəstəkləyirik.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi