Avropa İttifaqı

Brüssel, 22 may 1992-ci il Dağlıq Qarabağa dair bəyanat

Brüssel, 18 iyun 1992-ci il Dağlıq Qarabağa dair bəyanat

Brüssel, 7 aprel 1993-cü il Dağlıq Qarabağa dair bəyanat

Brüssel, 24 iyun 1993-cü il Dağlıq Qarabağa dair bəyanat

Brüssel, 3 sentyabr 1993-cü il Dağlıq Qarabağa dair bəya

Brüssel, 9 noyabr 1993-cü il Dağlıq Qarabağa dair bəyanat

Bülleten Aİ 01-1994 (fr): 1.3.7 arici siyasət və cəmiyyətin təhlükəsizliyi (7/20)

Bülleten Aİ 07-1994 Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (6/24)

Bu kommünike dörd dövlətin mövqeyini bildirir. Bülleten Aİ 09-1994 Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (5/6)

Azərbaycan Əməkdaşlıq Komitəsinin üçüncü iclası 12 iyul 2002-ci il Gələcək ikitərəfli əməkdaşlığın yekunları və qiymətləndirilməsi

Dağlıq Qarabağda qarşıdan gələn “Prezident seçkiləri”nə dair Avropa İttifaqı adından Sədrliyin Bəyannaməsi Brüssel, 2 avqust 2002-ci il

Brüssel, 22 may 1992-ci il Dağlıq Qarabağa dair bəyanat

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ regionunda döyüşlərin son vaxtlar intensivləşməsi ilə bağlı dərin narahatlığını bildirir və hər hansı bir tərəfdən güc tətbiq edilməsini qəti şəkildə pisləyir. Birlik və ona üzv olan dövlətlər davamlı döyüşlər nəticəsində əhalinin yenidən üzləşdiyi əzab-əziyyətdən və insan tələfatından təəssüflənir.

Dağlıq Qarabağın erməni və Azərbaycan əhalisi daxil olmaqla, Ermənistan və Azərbaycan xalqları, hər iki hökumətin ATƏM-in prinsip və öhdəliklərini qəbul etdikləri nəticəsində, eyni səviyyəli mühafizə ilə təmin olunmaq hüququna malikdirlər. Buna görə də Birlik və ona üzv olan dövlətlər qəbul edilmiş prinsip və öhdəliklərə zidd olaraq ərazi bütövlüyünə qarşı və ya, mülki əhalinin daimi yaşayış yerlərindən qovulması da daxil olmaqla, siyasi məqsədlərə nail olmaq üçün gücə əsaslanan hərəkətləri pisləyir. Azərbaycan və erməni əhalisinin fundamental hüquqları mövcud sərhədlər məzmununda tam şəkildə bərpa edilməlidir.

Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana müraciət edərək, maksimal dərəcədə təmkinlik nümayiş etdirməyə və ATƏM prosesinə konstruktiv töhfə verməyə çağırır. Bu mənada Birlik və ona üzv olan dövlətlər bütün tərəfləri Dağlıq Qarabağ üzrə ATƏM-in Sülh Konfransının tezliklə keçirilməsi istiqamətində iş aparmağa və Dağlıq Qarabağ icmalarının təmsil olunmaları şərtlərinə dair razılıq əldə etməyə dəvət edir ki, onsuz davamlı sülhün bərqərar olması mümkün deyil.

Yuxari

Brüssel, 18 iyun 1992-ci il Dağlıq Qarabağa dair bəyanat

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda davam edən döyüşlər ilə bağlı dərin narahatlığını bildirir. Birlik və ona üzv olan dövlətlər böhranın həllinə qətiyyən kömək etməyən hər hansı gücün tətbiq edilməsini ciddi şəkildə pisləyir. Onlar böhrana qatılan tərəfləri təmkinliliyə dəvət edir və növbəti əzab-əziyyət və ya insan tələfatı ilə nəticələnən hərəkətlərdən çəkinməyə çağırır.
Birlik və ona üzv olan dövlətlər aidiyyəti olan hökumətləri nüfuzlarından istifadə edərək baş verən dəhşətli zorakılığa son qoymağa və davamlı atəşkəsə nail olmağa çağırır.
Birlik və ona üzv olan dövlətlər Ermənistan və Azərbaycana bir daha müraciət edərək ATƏM-ə daxil olarkən götürdükləri öhdəliklərə əsasən insan hüquqlarına hörmət etməyə çağırır. Onlar tərəfləri regionda sülhü bərpa etməyin ən yaxşı ümidini təklif edən ATƏM-in himayəsi altında Minsk Konfransının tezliklə keçirilməsinin zəruri şərtlərinin yaradılması üçün Romada ilkin fövqəladə görüş çərçivəsində göstərilən səylərə töhfə verməyə çağırır

Yuxari


Brüssel, 7 aprel 1993-cü il Dağlıq Qarabağa dair bəyanat

Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında münasibətlərin son zamanlarda kəskin şəkildə pisləşməsindən dərin narahatçılıq keçirir. Birlik və ona üzv olan dövlətlər hərbi əməliyyatların Kəlbəcər və Fizuli rayonları ərazisinə yayılmasından təəssüfləndiyini bildirir. Azərbaycan ərazilərindən dərhal çıxarılması və bu ərazilərdə döyüşlərin dayandırılması məqsədilə Ermənistan hökuməti Dağlıq Qarabağın hərbi birləşmələri üzərində olan təsirindən istifadə etməyə qətiyyətlə çağırılır. Cərəyan edən son hadisələrə baxmayaraq, bütün tərəflərdən ATƏM-in Minsk qrupunda aparılan danışıqları tərk etməməyi xahiş edilir.

Yuxari


Brüssel, 24 iyun 1993-cü il Dağlıq Qarabağa dair bəyanat

Birlik və ona üzv olan dövlətlər cənab Rafaellinin təqdim etdiyi ATƏM planının Dağlıq Qarabağ mübahisəsinin bütün iştirakçıları tərəfindən qəbul edilməsini alqışlayır. Onlar inanırlar ki, sözügedən plan regionda hərtərəfli atəşkəs, BMT TŞ-nın 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsinin həyata keçirilməsi və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli istiqamətində əsil irəliləyiş üçün ən yaxşı ümiddir. Onlar Dağlıq Qarabağda erməni icması nümayəndələrinin plana razılıqlarını təmin etmək məqsədilə Ermənistan prezidenti Ter Petrosyanın uğurlu şəxsi müdaxiləsini yüksək qiymətləndirilər.
Birlik və ona üzv olan dövlətlər ümid edirlər ki, Ermənistan hökuməti Dağlıq Qarabağda sülh planını hələ qəbul etməyən elementlər tərəfindən onu tam şəkildə qəbul etmək və Azərbaycanda Dağlıq Qarabağ və onun ətrafındakı indiki daxili çətinliklərdən sui-istifadə etməkdən çəkinmək çağırışlarını davam etdirəcəkdir. Birlik və ona üzv olan dövlətlər xəbərdarlıq edirlər ki, hazırkı vəziyyətdə hər hansı bir tərəfin hücum əməliyyatı sülh planını təhlükə altına sala bilər.
Birlik və ona üzv olan dövlətlər münaqişə tərəflərini planı tam şəkildə dəstəkləməyə çağırır ki, bu, ATƏM-in müşahidəçi missiyasının yerləşdirilməsinin ilk mərhələsini asanlaşdırar. Onlar həmçinin tərəfləri qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını qəbul etməyə razılıq və ATƏM müşahidəçilərin ərazilərdə yerləşdirildiyi andan təhlükəsizliyinə təminat verməyə təkid edirlər.

Yuxari

Brüssel, 3 sentyabr 1993-cü il Dağlıq Qarabağa dair bəyanat


Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağda getdikcə genişlənən Azərbaycan ərazisini işğal edən yerli erməni qoşunlarının hücumlarını pisləyir. Onlar təəssüf hissi ilə qeyd edirlər ki, bu hərəkətlər döyüş bölgəsini genişləndirməklə daha böyük Azərbaycan ərazisini əhatə edir, Azərbaycanda çox ciddi qaçqın problemi meydana gətirir və qonşu ölkələri qatmaqla regional təhlükəsizliyi getdikcə azaldır.
Birlik və ona üzv olan dövlətlər region dövlətlərinin ərazi bütövlüyü və suverenliyinə olan dəstəklərini bir daha bəyan edirlər.

Birlik və ona üzv olan dövlətlər Azərbaycan Hökuməti və Dağlıq Qarabağın rəhbərliyi arasında 31 avqust 1993-cü il tarixində əldə edilmiş müvəqqəti atəşkəsin davam etdirilməsi üçün ATƏM-in Minsk Qrupu çərçivəsində göstərilən səyləri tam dəstəkləyir. Birlik və ona üzv olan dövlətlər hər iki münaqişə tərəfini iyun ayının sonunda prinsip etibarı ilə razılaşdırılmış cədvəli yerinə yetirməyi mümkün edən hər hansı bir formada əlavə dialoqa başlamağa çağırırlar.

Birlik və ona üzv olan dövlətlər həmçinin Dağlıq Qarabağın yerli erməni silahlı qüvvələrinin BMT TŞ-nın 822 və 853 saylı qətnamələrinə hörmət etdiyini və Kəlbəcər, Ağdam, Fizuli və Cəbrayıl rayonlarından geri çəkiləcəklərini görəcəklərinə ümid edirlər. Birlik və ona üzv olan dövlətlərin əlində Azərbaycanın bu ərazilərdən irimiqyaslı hücumlar həyata keçirmək iqtidarında olduğuna dair heç bir dəlil yoxdur.
Birlik və ona üzv olan dövlətlər Dağlıq Qarabağ ermənilərinin BMT TŞ-nın 822 və 853 saylı qətnamələrinə və ATƏM-in Minsk Qrupunun təkliflərinə əməl etmələri üçün Ermənistan hökumətini özünün həlledici təsirindən istifadə etməyə çağırır. Birlik və ona üzv olan dövlətlər Ermənistana müraciət edərək Azərbaycan ərazisində hücumlar həyata keçirən yerli erməni hərbi birləşmələrinin bu cür hücumlarını daha da genişləndirmək üçün onlara maddi yardımın verilməməyini təmin etməyə çağırır.

Yuxari


Brüssel, 9 noyabr 1993-cü il Dağlıq Qarabağa dair bəyanat

Avropa İttifaqı 24 oktyabr 1993-cü il tarixində Dağlıq Qarabağ regionunda əldə edilmiş atəşkəsin pozulmasını pisləyir və bütün qüvvələri son vaxtlarda işğal edilmiş ərazilərdən geri çəkilməyə çağırır. Avropa İttifaqı ATƏM prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə verdiyi əhəmiyyəti bir daha vurğulayır.

Avropa İttifaqını döyüşlər nəticəsində yurdlarından didərgin salınmış insanların aqibəti xüsusilə narahat edir. Bu insanların qəbul edilməsi və qorunması beynəlxalq ictimaiyyətin əsas vəzifəsi olmalıdır. Bundan əlavə qaçqınların mövcudluğu münaqişənin beynəlxalq xarakter alması təhlükəsini artırır və bütün regionun sabitliyini təhdid edir.

Avropa İttifaqı zərər çəkmiş əhaliyə göstərilən yardımı davam etdirmək əzmindədir və region dövlətlərini həmin yardımların çatdırılması prosesini asanlaşdırmağa çağırır.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinə nail olmaq məqsədilə ATƏM-in Minsk Qrupu tərəfindən göstərilən səyləri tam şəkildə dəstəklədiyini bir daha bildirir. Avropa İttifaqı münaqişə tərəflərini 24 oktyabr 1993-cü il tarixində pozulmuş atəşkəsi bərpa etməyə çağırır.


Bülleten Aİ 01-1994 (fr): 1.3.7 arici siyasət və cəmiyyətin təhlükəsizliyi (7/20)

Azərbaycan
1.3.7. Avropa İttifaqının Sədrliyi adından Azərbaycandakı vəziyyət ilə bağlı 17 yanvar tarixində Afina və Brüssel şəhərlərində yayılmış kommünike:

“Avropa İttifaqı dekabr ayının ortalarından etibarən Dağlıq Qarabağ regionunda irimiqyaslı döyüşlərin yenidən başlanması ilə bağlı dərin narahatlıq hissi keçirir. Avropa İttifaqı mövcud tərəfləri təmkinlilik nümayiş etdirməyə və artıq müharibə nəticəsində əziyyət çəkmiş insanlara yenidən əzab verməməyə çağırır.
Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini bildirir və münaqişənin sülh yolu ilə nizamlanmasına dəvət edir. Məsələnin beynəlxalq xarakter alması təhlükəsini nəzərə alaraq, Avropa İttifaqı aidiyyəti olan tərəfləri döyüşləri dayandırmağa və BMT TŞ müvafiq qətnamələrinə əməl etməyə çağırır. Avropa İttifaqı tam şəkildə dəstəklədiyi, ATƏM-in Mİnsk Qrupu çərçivəsində münaqişə tərəfləri arasında aparılan danışıqları ən qısa zamanda yenidən başlamağa çağırır.”

Bülleten Aİ 07-1994 Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (6/24)

Dağlıq Qarabağ

1.3.5. Avropa İttifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair 5 avqust tarixində Brüssel və Bon şəhərlərində yayılmış kommünike:

“Avropa İttifaqı 12 may 1994-cü ildən etibarən qüvvədə olan atəşkəsin Ermənistan və Azərbaycan Müdafiə Nazirləri, habelə Dağlıq Qarabağın hərbi birləşmələri tərəfindən 27 iyul 1994-cü il tarixində yazılı şəkildə təsdiq edilməsini təqdirəlayiq olduğunu bəyan edir. Münaqişə iştirakçılarının atdığı bu addım gələcəkdə məsələnin qarşılıqlı razılıq əsasında siyasi nizamlanmasına xidmət edəcəkdir.

Beləliklə, Avropa İttifaqı bu istiqamətdə tərəfləri ATƏM-in Minsk Qrupu ilə yaxından əməkdaşlıq etməyə və davamlı siyasi nizamlanmaya nail olmaq üçün üzərilərinə düşənləri yerinə yetirməyə çağırır. Fürsətdən istifadə edərək, Avropa İttifaqı bir daha Minsk Qrupunun səylərini tam şəkildə dəstəklədiyini bəyan edir. Atəşkəsin təsdiq edilməsi təkcə ilk mərhələ deyil, eyni zamanda davamlı siyasi nizamlanmanın əldə edilməsi üçün danışıqların aparılması istiqamətində mühüm səy deməkdir. Avropa İttifaqı ATƏM müşahidəçilərinin regiona göndərilməsi üçün müvafiq razılaşmanın imzalanması məqsədilə avqust ayında danışıqların sürətləndirməsinə dair tərəflərin niyyətini alqışlayır. Belə ki, Avropa İttifaqı münaqişə tərəflərini ATƏM-in müşahidə missiyasının maksimum dərəcədə həyata keçirilməsindən ibarət olan ilk mərhələni dəstəkləməyə çağırır.
Yuxari


Bu kommünike dörd dövlətin mövqeyini bildirir. Bülleten Aİ 09-1994 Xarici siyasət və cəmiyyətin təhlükəsizliyi (5/6)

Dağlıq Qarabağ
1.3.5. Avropa İttifaqının Sədrliyi adından Dağlıq Qarabağa dair 15 sentyabr tarixində Brüssel və Bon şəhərlərində yayılmış kommünike:

“Avropa İttifaqı son günlərdə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ rəhbərləri tərəfindən ATƏM-in Minsk Qrupunun Sədri səfir Eliassonun regiona səfəri zamanı verilmiş bəyanatları böyük məmnuniyyətlə qarşılayır. Həmin bəyanatlarda tərəflər münaqişənin nizamlanmasına dair razılığın əldə edilməsinə qədər atəşkəsə riayət edəcəkləri ilə bağlı niyyətlərini vurğulamışlar. Bundan əlavə, Avropa İttifaqı məsələ ilə əlaqədar Ermənistan və Azərbaycan hökumətləri, habelə Stepanakert rəhbərliyi tərəfindən verilmiş rəsmi bəyanatları alqışlayır.

Avropa İttifaqı hesab edir ki, atəşkəsin gücləndirilməsi və məsələnin siyasi nizamlanması yolunda bu addım mühüm əhəmiyyətə malikdir. Avropa İttifaqı ATƏM-in Minsk Qrupuna sözügedən bəyanatlarla nəticələnən səylərinə görə minnətdarlığını bildirir və Qrupun Dağlıq Qarabağ regionunda sülhün bərqərar olunması naminə mühüm fəaliyyətini dəstəkləyir. Avropa İttifaqı Minsk Konfransının tezliklə çağırıla biləcəyinə səmimi şəkildə ümid edir.

Nəhayət, Avropa İttifaqı ümid edir ki, münaqişə tərəfləri özlərinin ictimaiyyət üçün nəzərdə tutulmuş bəyanatlarında təmkinlilik nümayiş etdiriləcəkdir. Bundan əlavə, Avropa İttifaqı danışıqlar prosesi üçün münbit və psixoloji nöqteyi nəzərdən əlverişli şəraitin yaradılması üçün tərəflər arasında təmasların davam etdirilməsini tövsiyə edir.

Bu kommünike dörd dövlətin mövqeyini bildirir.

Yuxari

Azərbaycan Əməkdaşlıq Komitəsinin üçüncü iclası 12 iyul 2002-ci il Gələcək ikitərəfli əməkdaşlığın yekunları və qiymətləndirilməsi

Xarici siyasət

Avropa İttifaqı və Azərbaycan razıdırlar ki, Azərbaycanın və bütün Cənubi Qafqazın sabitliyi və tərəqqisi ilk növbədə regionda dondurulmuş münaqişələrin həll edilməsindən asılıdır.

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə tam hörmət əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin zəruriliyini vurğulayır.

Avropa İttifaqı inanır ki, bu münaqişə və onun həll edilməməsi Azərbaycanın və bütün regionun siyasi və iqtisadi inkişafı və təhlükəsizliyinə güclü mənfi təsir göstərir.

Hər iki tərəf ərazilərin de-fakto işğal edilməsi prinsipinin (fait accompli) münaqişənin həll edilməsinin əsasını təşkil edə bilmədiyinə razılaşdı və Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində nə hazırkı vəziyyətin, nə də status kvo vəziyyətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin qanuni hesab edilə bilmədiyini vurğuladı.


Avropa İttifaqı işğal olunmuş Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının dirçəldilməsi ilə birlikdə Bakı-Naxçıvan-Yerevan dəmir yolunun bərpasına imkan verəcək Ermənistan silahlı qüvvələrinin bu rayonlardan çıxarılmasına dair münaqişənin həlli və əməkdaşlığın bərpa edilməsi istiqamətində misilsiz tədbirlər paketi olan Azərbaycanın təklifini alqışladı və tərəfləri yaranmış çətin vəziyyətdən çıxmaq üçün bu fürsətdən istifadə etməyə dəvət etdi.

Hər iki tərəf ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətindəki səylərinin əhəmiyyətini tanıyır və gələcəkdə də bu səyləri tam şəkildə dəstəkləyəcəklərinə dair öhdəlik götürür.

Avropa İttifaqı Ümumi Məsələlər Şurasının regionda daha fəal siyasi rol oynamaq niyyətinə dair 26 fevral 2001-ci il tarixli qərarını bir daha təsdiq edir. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun üzvləri, müvafiq beynəlxalq təşkilatlar və region ölkələri ilə sıx əməkdaşlıqda regionda mövcud olan münaqişələrin qarşısının alınması və həll edilməsinə yönəlmiş səyləri dəstəkləmək yollarını arayacaq və münaqişədən sonrakı bərpa işləri prosesində iştirak edəcək.

Avropa İttifaqı özünün regionda maraqlı olan bütün ölkələr, xüsusilə Rusiya və ABŞ ilə münasibətlərində Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş inkişafın təmin edilməsinə səy göstərəcək.

Yuxari


Dağlıq Qarabağ münaqişəsinə dair Avropa İttifaqının mövqeyi

Avropa İttifaqı Sədrliyinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda qondarma “prezident seçkiləri”ni pisləyən və münaqişənin sülh yolu ilə həll edilməsinin əsası kimi Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən Bəyannaməsi.

Dağlıq Qarabağda qarşıdan gələn “Prezident seçkiləri”nə dair Avropa İttifaqı adından Sədrliyin Bəyannaməsi Brüssel, 2 avqust 2002-ci il

Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edir və bir daha bəyan edir ki, o, Dağlıq Qarabağın müstəqilliyini tanımır. Avropa İttifaqı həmişə Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan üçün məqbul sayılan sabit siyasi razılaşmanın əldə edilməsinin zəruriliyini vurğulamışdır. Avropa İttifaqı 11 avqust 2002-ci il tarixində Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “prezident seçkiləri”ni qanuni hesab edə bilməz. Avropa İttifaqı bu seçkilərin sülh prosesinə təsir edəcəyinə inanmır.
Avropa İttifaqı ilə əlaqədə olan Mərkəzi və Şərqi Avropa ölkələri, Kipr, Malta və Türkiyə, Avropa Azad Ticarət Assosiasiyasına üzv olan İslandiya, Lixtenşteyn və Norveç, Avropa İqtisadi Məkanı üzvləri olan ölkələr bu bəyannaməyə qoşulurlar.

Yuxari
MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi