04.03.2014 Tarixinə olan hesabat

AZƏRBAYCAN  RESPUBLİKASININ
İNSAN  HÜQUQLARI  ÜZRƏ  MÜVƏKKİLİ
(OMBUDSMAN)


Azərbaycanda
insan hüquqlarının və azadlıqlarının
təmin edilməsi və müdafiəsinin vəziyyəti
haqqında

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

2013-cü il üzrə illik məruzəsi
 

Ö n    s ö z

Məruzənin əsas məqsədi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü ildə ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının vəziyyətinin öyrənilməsi və təhlili, müsbət nəticələrlə yanaşı, çatışmazlıqların və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti haqqında məlumatların verilməsindən ibarətdir.

Məruzə ərizələrin, şikayətlərin və təkliflərin, Müvəkkil, o cümlədən aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil, əhalinin sosial müdafiəsi müəssisələrinə baxışların, həmçinin yerlərdə əhali ilə görüşlər və aparılmış araşdırmalar zamanı aşkar edilmiş müxtəlif halların, problem və çətinliklərin, eyni zamanda dövlət orqanlarının və vəzifəli şəxslərin rəsmi cavablarının, dövlət qurumlarına təqdim edilmiş təklif və tövsiyələrin, insan hüquqları üzrə milli və beynəlxalq seminar və konfransların materiallarının, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərin, kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlilinə əsasən hazırlanmışdır.

İllik məruzədə Müvəkkilin vətəndaşların mülki və siyasi, iqtisadi və sosial hüquqlarının, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapmışdır.

«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, illik məruzə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında çıxış etmək, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmək üçün hazırlanmışdır.

Ümidvaram ki, Müvəkkilin bu illik məruzəsi ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi vəziyyəti barədə Sizdə təsəvvür yaradacaq və bununla bağlı təəssüratlarınızı bizimlə bölüşəcəksiniz.

Dəyərli fikirləriniz və tövsiyələriniz gələcəkdə Müvəkkilin ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi üzrə işinin təkmilləşdirilməsinə yardımçı olardı.


Elmira Süleymanova

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

G i r i ş

Ölkə həyatının bütün sahələrində ardıcıl olaraq həyata keçirilən və sosial rifahın getdikcə yüksəlməsinə istiqamətlənmiş əlverişli hüquqi və sosial-iqtisadi siyasət insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsində və etibarlı müdafiəsində, ümumilikdə davamlı inkişafında mühüm əhəmiyyət kəsb edir.
Son on ildə Azərbaycan Respublikası böyük inkişaf yolu keşmiş və tərəqqi yolu ilə addımlamaqdadır.
Ölkəmizdə sürətli iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması, sosial infrastruktur layihələrinin uğurla icra olunması, dövlət orqanlarında işlərin operativ həlli, bu sahədə bürokratik əngəllərin aradan qaldırılması, ASAN xidmətinin tətbiqi, korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl işlər görülmüşdür.
Bu müddət ərzində dövlət büdcəsi dəfələrlə artmış, ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri tikilmiş və ya əsaslı təmir edilmiş, müalicə-diaqnostika və bərpa mərkəzləri, xəstəxana və ambulatoriya-poliklinika müəssisələri, olimpiya idman kompleksləri, hava limanları, avtovağzal kompleksləri, metro stansiyaları tikilib istifadəyə verilmiş, yeni körpülər və avtomobil yolları salınmış, elektrik stansiyaları inşa edilmiş, istirahət-mehmanxana kompleksləri, dövlət təbiət qoruqları və milli parklar yaradılmış, dövlət tərəfindən ayrılan güzəştli kreditlər nəticəsində sahibkarlıq mühiti möhkəmlənmiş, yeni istehsal və xidmət müəssisələri təşkil edilmiş, nəticə etibarilə son on ildə 1 milyon 200 min, 2013-cü ildə isə 110 min, o cümlədən 80 min daimi olmaqla yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5%-ə enmişdir.
Qeyd edilənlərlə yanaşı, əhalinin gəlirləri və əməkhaqqı artmış, pensiyalar yüksəlmiş, yoxsulluğun səviyyəsi 5,3%-ə enmiş, ölkəmiz 156 ölkə arasında yoxsulluğun ən aşağı olduğu 20 ölkədən birinə çevrilmişdir.
Davos Dünya İqtisadi Forumunun "2012-2013 Qlobal Rəqabətqabiliyyətlilik İndeksi"nə görə ölkəmiz dünyada 39-cu, MDB məkanında birinci yeri tutmuşdur.
Azərbaycan qeyd edilən dövrdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlər sırasına qalxmış, 2013-cü ilin nəticələrinə görə adambaşına düşən milli gəlir 2003-cü illə müqayisədə 3,5 dəfə artmışdır. Bu göstərici ilə respublikamız son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olmuşdur.
2013-cü il Prezident seçkilərində cənab İlham Əliyevin böyük səs çoxluğu ilə təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilməsi respublikamızın davamlı inkişaf yolu ilə irəliləməsini təmin etmiş oldu.
Dünyanın ən iri enerji layihələrindən biri olan və ölkəmizin uzunmüddətli inkişafının təmin edilməsinə hesablanmış, XXI əsrin layihəsi hesab olunan “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması da ötən ilin böyük nailiyyətlərindəndir.
Azərbaycan beynəlxalq səviyyədə də bir çox məsələlərdə mühüm rola malik olmuş, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmiş, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq  sülh və sabitliyin qorunub saxlanılmasına öz töhfəsini vermişdir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının, "Birgə cəmiyyətlər" mövzusunda Birinci Cənubi Qafqaz Forumunun, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi, həmin mötəbər tədbirlərdə ölkəmizin inkişafına və onun nəticələrinə verilmiş böyük dəyər, eyni zamanda ölkəmizin müstəqillik tarixinin ən önəmli hadisələrindən biri olan "Azərspace-1" ilk telekommunikasiya peykinin orbitə buraxılması, Avropa tarixində ilk dəfə 2015-ci ildə təşkil olunan Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul olunması, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsi respublikamızın bütün dünyada böyük nüfuza sahib olduğunu sübut edir.
Azərbaycan Respublikasının ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyəti ərzində - hər il olduğu kimi, ötən il də dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalarla, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran Müvəkkil hər il olduğu kimi, ötən il də dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıqda bu prosesə öz töhfəsini vermişdir.
Müvəkkilin insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi naminə dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları ilə mövcud olan əməkdaşlığı daha da inkişaf etdirilmişdir ki, bu da ölkənin tərəqqisinə və cəmiyyətin rifahına xidmət etmişdir.
Ölkəmizin konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən Müvəkkil ötən il də insan hüquqlarının məhkəmədənkənar müdafiəsi məqsədi ilə davamlı tədbirlər həyata keçirmişdir.
İnsan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən, mövcud hüquq-müdafiə vasitələrini tamamlayan, səlahiyyət dairəsi və funksiyaları Konstitusiya Qanunu ilə müəyyən edilən Müvəkkil öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında qurmuşdur.
Müvəkkil həmişə olduğu kimi, ötən il də insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, vətəndaşların müraciətlərinə və problemlərinə laqeyd münasibətə, həmçinin insan hüquqları sırasında xüsusi yeri olan, digər hüquqlardan istifadədə böyük əhəmiyyət daşıyan müraciət etmək hüququnun pozulmasına qarşı kəsərli tədbirlər həyata keçirilmişdir.
Ötən il ərzində daxil olmuş müraciətlər üzrə əhatəli iş aparılmış, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq işlər görülmüşdür.
Müvəkkil və onun tapşırığı ilə aparatın əməkdaşları müntəzəm qaydada, o cümlədən ictimai dinləmələr çərçivəsində respublikanın müxtəlif yerlərində əhali ilə görüşlər, habelə cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, uşaq evlərinə, internatlara, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, habelə səhiyyə, təhsil, əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar keçirmiş, qəbullar təşkil edilmiş, izahat və məsləhət işi aparılmış, insan hüquqlarının müdafiəsi məqsədilə tədbirlər görülmüş, icraata qəbul edilmiş şikayətlər araşdırılmış, bir çoxu müsbət həll olunmuşdur.
İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapmış, pozulmuş hüquqlar bərpa olunmuşdur.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 101.540, 2013-cü ildə isə 13.670 müraciət daxil olmuşdur.
Ötən il aparatda, o cümlədən regional mərkəzlərdə ümumilikdə 2.969 şəxs, o cümlədən 525 şəxs təkrar olaraq qəbul edilmişdir.
Qeyd edilən müraciətlərin 75,8%-i şikayətlərdən, 24,2%-i isə ərizələrdən ibarət olmuşdur.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 52,4%-nin baxılmasından imtina etmişdir.
Şikayətlərin 47,6%-i baxılmaq üçün icraata qəbul edilmiş, bunların da 65,5%-i təmin olunmuşdur.
Mülki, iqtisadi və sosial hüquqların pozulmasına dair şikayətlər – şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, informasiya sorğusunun cavablandırılması, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, məhkəmə qərarlarının icrası, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı bir çox şikayətlər öz həllini tapmış, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda pozulmuş hüquqlar bərpa edilmişdir.
Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılmış, ərizəçilərdən daxil olmuş bütün müraciətlər cavablandırılmışdır.
Müraciət edən vətəndaşlara həm qəbul zamanı, həm də məktub vasitəsilə çoxsaylı hüquqi məsləhətlər, habelə insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, o cümlədən bu və ya digər məsələlərlə əlaqədar müvafiq orqanlara müraciət edilməsi ilə bağlı izahatlar verilmişdir.
Müvəkkilin təşəbbüsü, təklifi və təşkilatçılığı ilə ötən dövrdə insan hüquqlarının müdafiəsi və təşviqi üzrə bir sıra önəmli tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqinin müzakirəsi ilə bağlı respublikamızın hər bir şəhər və rayonunda ictimai dinləmələr ötən il də davam etdirilmişdir.
Mərkəzi Seçki Komissiyası ilə birgə Şəki, Gəncə, Cəlilabad, Quba və Füzulidə ümumilikdə 40 şəhər və rayon üzrə 54 dairə seçki komissiyası cəlb olunmaqla seçki hüququnun səmərəli təmin edilməsi ilə bağlı silsilə regional maarifləndirmə tədbirləri keçirilmişdir.
Müvəkkil ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının xüsusi əhəmiyyətini qeyd edərək, respublikamızın yeni inkişaf mərhələsində əsas məqsədinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının yüksək səviyyəyə çatdırılmasından ibarət olduğunu, habelə ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasına, ümumilikdə insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin olunmasına və etibarlı müdafiəsinə xidmət edəcəyini bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə təsis edilmiş «18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü» ərəfəsində ənənəvi olaraq, ölkə boyu «İnsan hüquqları aylığı» keçirilmişdir.
İnsan hüquqları Günü, habelə BMT-nin İnsan Hüqüqları haqqında Ümumi Bəyannaməsinin 65 illiyi münasibətilə 2013-cü il 18-20 iyun tarixlərində Bakı şəhərində Müvəkkil tərəfindən Azərbaycan hökumətinin və UNESCO-nun dəstəyi ilə «Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu» mövzusunda keçirilmiş ənənəvi Ombudsmanların XI Bakı Beynəlxalq Konfransı ilə həmin aylığa yekun vurulmuş, Ombudsmanların Bakı Bəyannaməsi qəbul edilmişdir.
Hər il olduğu kimi, 21 avqust - 21 sentyabr tarixlərində sülh mədəniyyətinin təbliğinə mühüm yer verməklə «Sülh aylığı» keçirilmiş, Müvəkkil bəyanatla çıxış etmiş, bununla bağlı dövlət qurumlarına, vətəndaş cəmiyyəti təsisatlarına və kütləvi informasiya vasitələrinə ünvanlanmış müraciətlər televiziya proqramlarında yayımlanmış, qəzetlərdə dərc olunmuşdur.
Uşaq hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində «Uşaq hüquqları aylığı» keçirilmişdir.
"10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü" münasibətilə keçirilmiş tədbirdə «Hüquqlar - hamı üçün!» adlı jurnalist yazıları, habelə «Mən və hüquqlarım» mövzularında uşaq rəsmləri və foto müsabiqələrinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışdır.
20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatlar verilmiş, BMT-nin Baş katibinə, beynəlxalq qurumlara, xarici ölkələrin ombudsmanlarına, habelə Azərbaycandakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına ünvanlanmışdır.
Müvəkkil və təsisatın əməkdaşları müxtəlif beynəlxalq tədbirlərdə ölkəmiz üçün prioritet olan bir sıra aktual problemlərə dair məruzələrlə çıxışlar etmiş, insan hüquqlarının ayrı-ayrı sahələrinə dair geniş fikir və təcrübə mübadilələri aparmışlar.
Qeyd edilənlərlə yanaşı, Müvəkkil ötən il aparatda xarici ölkələrin və beynəlxalq qurumların rəsmi nümayəndələrini qəbul etmiş, ölkəmizdə insan hüquqlarının və azadlıqlarının müdafiəsi məsələləri, bu sahədə mövcud təcrübə müzakirə edilmişdir.
2013-cü il üzrə fəaliyyətin nəticəsi insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması, şikayətlərin çevik araşdırılması məqsədi ilə dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti təsisatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın genişləndirilməsinin, davamlı olaraq inkişaf etdirilməsinin və təkmilləşdirilməsinin zəruri olduğunu göstərmişdir.
Müvəkkilin səlahiyyətli dövlət qurumlarına ünvanladığı, habelə illik məruzələrində irəli sürdüyü, insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, habelə əhalinin müvafiq qruplarının bir sıra sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş təklif və tövsiyələrinin nəzərə alınaraq həm qanunvericilik aktlarında öz əksini tapması, həm də sosial rifaha xidmət edən tədbirlər prosesində həyata keçirilməsi ölkəmizdə insanların həyat səviyyəsinin və sosial-hüquqi vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcəkdir.

I fəsil

Müvəkkilin insan hüquqlarının və azadlıqlarının
müdafiəsi sahəsində fəaliyyəti

1.1. Mülki və siyasi hüquqların müdafiəsi

Azadlıq hüququ. Qanunvericiliyin təkmilləşdirilməsi vətəndaşların sərbəst hərəkət etmək hüququnun səmərəli təmin edilməsi imkanlarını daha da artırmışdır.
Daxili İşlər Nazirliyi ilə səmərəli əməkdaşlıq prosesində vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi, yaşayış yeri üzrə qeydiyyatın aparılması, habelə müvafiq qanunvericilik aktları ilə mövcud sahədə müəyyən edilmiş məsələlərin həlli istiqamətində olan qanun pozuntuları ilbəil azalmaqdadır.
Milli Fəaliyyət Proqramının respublikamızın regionlarında təbliği və tətbiqi vəziyyətinin monitorinqi zamanı keçirilmiş ictimai dinləmələr prosesində prezident seçkiləri ilə əlaqədar seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmin olunması, etibarsız hesab edilən şəxsiyyət vəsiqələrinin çevik tərzdə dəyişdirilməsi işini Müvəkkil daim diqqətində saxlamışdır.
2013-cü ildə şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 92 müraciət daxil olmuşdur. Həmin müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa olunmuşdur.
Müvəkkilin aidiyyəti üzrə müraciətlərindən sonra bir sıra vətəndaşlar Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55-s saylı Sərəncamının tələblərinə uyğun olaraq, müvafiq polis idarələrinin inzibati binalarına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və onların problemi öz həllini tapmışdır.
Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr  tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.2-ci bəndində göstərilmişdir ki, doğum haqqında məlumat (bir qayda olaraq, uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilməsi tarixi) tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, oradan məlumat-informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə, daha sonra avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.
Rəsmi məlumata əsasən, Bakı şəhərindəki doğum evləri və müvafiq xəstəxanaların doğum şöbələri üzrə şəxsiyyət vəsiqəsini təqdim etməyən hamilə qadınlar barədə məlumat elektron bazaya daxil edilmədiyi üçün onların körpələrinə doğum haqqında tibbi şəhadətnamə verilməmiş, nəticədə həmin uşaqlara doğum haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır.
Hamilə və doğan qadının şəxsiyyət vəsiqəsi olmadıqda bu barədə məlumatların “Yeni doğulmuşların vahid tibbi elektron registri”nə, uşaq öldükdə isə “Perinatal ölümün elektron registri”nə əlavə edilməsi, nəticədə yenidoğulmuşlara “Doğum haqqında tibbi şəhadətnamə”nin verilməsi və onların doğumunun, habelə ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, bu halların hüquqi tənzimlənməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişikliklər edilməsi zəruridir.
 Vətəndaşların qeydiyyatı sahəsində bəzi problemlər hələ də qalmaqdadır.
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş "başqa sənəd" dedikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşa torpaq sahəsi ayrılaraq fərdi yaşayış evinin tikintisi üçün verilmiş sərəncam, habelə həmin evin tikintisi başa çatdıqdan sonra istismara qəbul olunması, hüquqi qeydiyyatdan keçməsi və evə hüquqi ünvanın verilməsi barədə sərəncamın da əsas kimi qəbul edilməsi məqsədəuyğundur. Belə ki, həmin sərəncamlar da order kimi, yaşayış sahəsinə istifadə hüququ verən sənədlər hesab edilir. Qeyd edilən müddəanın müvafiq qanunda öz əksini tapması yaşayış yeri üzrə qeydiyyat sahəsindəki ciddi problemlərin həllini təmin edərdi.
Digər tərəfdən, məhkəmə qərarına əsasən, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmış şəxslərin bundan əvvəl qeydiyyatda olduqları evin (mənzilin) yerləşdiyi şəhər (rayon) polis idarəsinin (şöbəsinin) inzibati binasına məcburi şəkildə qeydiyyata alınmasına dair həmin məhkəmələr tərəfindən müvafiq şəhər (rayon) polis idarəsinin (şöbəsinin) üzərinə öhdəliyin qoyulması ilə bağlı müddəanın “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi zəruridir.

 Müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərin hüquqları. Ötən il Müvəkkil və aparatın əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Daxili İşlər Nazirliyinin şəhər və rayon polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlanılma yerlərinə, Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, həmçinin həmin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanılma yerlərinə, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə, həmçinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlanılma Yerinə və İstintaq Təcridxanasına müntəzəm olaraq həm planlı, həm də əvvəlcədən xəbərdarlıq etmədən 293 baxış keçirilmişdir.
Müvəqqəti saxlanılma yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərlə görüşərək təkbətək söhbət zamanı onların saxlanma şəraiti və onlara qarşı rəftar araşdırılmış, hüquqları izah edilmiş, vəkillə təmin olunması, şübhəli şəxs qismində saxlanılarkən hüquqlarının izah edilməsi, polis orqanlarında saxlanılan vaxt prokuror nəzarətinin aparılması, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlərlə tanış olunmuşdur. Əksər müvəqqəti saxlanılma yerlərinin standartlara uyğun olması müəyyən edilmişdir.
Qeyd edilməlidir ki, söhbət aparılan şəxslər, bir qayda olaraq, saxlanıldıqları müddət ərzində onlara qarşı insan ləyaqətini alçaldan rəftara yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin polis əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını bildirmişlər.
Müvafiq polis orqanlarının rəhbərlərinə və müvəqqəti saxlama yerlərinin əməkdaşlarına sənədləşmə, şərait və rəftar qaydaları, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” yeni qəbul olunmuş Qanunun tələbləri bir daha izah edilmiş, müvafiq tövsiyələr verilmişdir.
Polis orqanlarının şəxsi heyəti, o cümlədən müvəqqəti saxlanılma yerlərinin əməkdaşları ilə hüquqi maarifləndirmə işləri aparılmış, insan hüquq və azadlıqlarının təmin olunması vətəndaşlara qarşı qeyri-etik davranışının və kobudluğun yolverilməzliyi, onların fəaliyyətinin daha da təkmilləşdirilməsi, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyə və tapşırıqlar verilmişdir.
Şikayətlərdə öz əksini tapmış, habelə qəbulda olarkən verilmiş və ya «qaynar xətt» vasitəsilə Müvəkkilə çatdırılmış məlumatlar əsasında müvəqqəti saxlanılma yerlərinə keçirilmiş çoxsaylı baxışlar zamanı insan hüquqlarının pozulması halları aşkar edildiyi təqdirdə onların bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Baxışların nəticələri ilə bağlı kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar verilmişdir. Bu zaman bir sıra nöqsanlar da aşkar edilmiş, lakin görülmüş tədbirlər nəticəsində aradan qaldırılmışdır.
Qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, həmçinin müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı irad və təkliflərlə polis idarə və şöbələrinin rəislərinə, zəruri hallarda isə Azərbaycan Respublikasının Baş prokuroruna, habelə daxili işlər nazirinə müraciətlər edilmiş, nəticədə qanun pozuntusuna yol verildiyi təsdiqləndiyi halda, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülmüş, buna yol vermiş əməkdaşlar tutduğu əmələ görə intizam məsuliyyətinə cəlb olunmuş, ciddi cəzalandırılmışlar.
Belə ki, müvəqqəti saxlanılma yerinə gətirilmiş şəxslərin tibbi müayinədən keçirilməsini və müvafiq məlumatların «Tutulmuş şəxsin tibbi kitabçası»nda qeyd edilməsini, habelə təqsirləndirilən şəxslərin Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində istintaq təcridxanasına köçürülməsini təmin etmədiklərinə görə Salyan RPŞ-nin məsul növbətçisi, polis kapitanı S.Manafova və müvəqqəti saxlanılma yerinin rəisi, polis baş serjantı İ.Şahverdiyevə töhmət elan edilmiş, rəisin xidmət üzrə müavini, polis mayoru K.Həsənova və ictimai təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı E.Azadəliyevə xəbərdarlıq, həmçinin müvafiq normativ-hüquqi aktların tələblərini pozmaqla təsisatın əməkdaşlarının saxlanılan şəxslə konfidensial görüş keçirməsinə maneə törətdiyinə görə Samux RPŞ-nin cinayət axtarış bölməsinin rəisi A.Əsgərova ciddi xəbərdarlıq elan olunmuşdur.
Bakı şəhərində avaraçılıq və dilənçilıklə məşğul olan şəxslərə, habelə tüfeylilərə qarşı mübarizə tədbirləri çərçivəsində ərazi polis orqanlarına gətirilən belə kateqoriyalı şəxslərin inzibati qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsiyyətləri müəyyən olunub barələrində qanunauyğun tədbirlər görülənədək Bakı ŞBPİ-nin İnzibati həbs olunanların saxlanılma məntəqəsinin Xətai rayonu ərazisində yerləşən keçmiş inzibati binasından istifadə edildiyi üçün burada xidmətin təşkili və aparılmasında yol verdikləri nöqsanlara görə həmin məntəqənin aidiyyəti əməkdaşları intizam məsuliyyətinə cəlb olunmuşlar.
Qeyd edilən qəbahətlərə yol verdiklərinə görə Bakı ŞBPİ-nin İnzibati həbs olunanların saxlanılma məntəqəsinin rəisi N.Nəcəfov daxili işlər orqanlarından xaric edilmiş, onun müavini Q.Qasımova şiddətli töhmət, növbətçi Ş.Cəliyevə və A.Quliyevə töhmət elan olunaraq intizam məsuliyyətinə cəlb edilmişdir.
İnzibati həbs müddətinin 15 gündən 3 ayadək uzadılmasını nəzərə alaraq, zəruri tədbirlər görülməsinə, o cümlədən birgə əməkdaşlıq çərçivəsində inzibati həbs olunmuş şəxslərin saxlanılma qaydasının, onların hüquq və vəzifələrini tənzimləyən müvafiq qanun layihəsinin hazırlanmasına ehtiyac vardır.

Şərəf və ləyaqətin müdafiəsi hüququ. Ötən il şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulması ilə bağlı 335 müraciət daxil olmuşdur.
Həmin müraciətlər üzrə Müvəkkil aidiyyəti qurumlara yoxlama tapşırıqları vermiş, bəzi şikayətlər üzrə yerində araşdırma aparılmış, müvafiq tədbirlər görülmüş, günahkar şəxslər intizam qaydasında cəzalandırılmışlar.
Müvəkkilin fəaliyyətə başladığı ilk illərdən onun təşəbbüsü ilə işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin, kobud rəftarın qarşısının alınmasının səmərəli təşkili məqsədilə aparatda 24 saat fəaliyyət göstərən «qaynar xətt», həmçinin hüququ pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək imkanı verən «916» nömrəli «qaynar xətt» təşkil edilmiş, daxil olan məlumatlar əsasında araşdırmalar aparılmış və tədbirlər görülmüşdür.
Müxtəlif problemləri ilə bağlı yerli icra strukturlarına müraciət edən vətəndaşların məmur biganəliyi və laqeydliyi ilə yanaşı, təhqiramiz, ləyaqəti alçaldan hərəkətlərlə üzləşdiyi hallar da olmuşdur.
Ümumiyyətlə, fiziki qüvvə tətbiq etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərin hər hansı şəxslə insanın ləyaqətini alçaldan tərzdə rəftar etməsi yolverilməzdir və asayişin qorunması zamanı insanlarla qanun çərçivəsində davranmalı, zorakılıq hallarına yol verməməli, belə halları törədən şəxslər qanunla məsuliyyətə cəlb olunmalıdırlar.
Hər il olduğu kimi, 2013-cü ildə də vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi hüququnun dövlətin məcburetmə səlahiyyətlərinə malik müvafiq qurumlarının, xüsusilə də polis orqanlarının əməkdaşları tərəfindən baş verən və ya baş verə biləcək pozulması hallarının qarşısının alınması, vətəndaşlarda hüququn aliliyinə və ədalətə olan inamın daha da artması, hüquq-mühafizə orqanlarına etimadın yüksəlməsinə yönəlmiş maarifləndirmə tədbirləri davam etdirilmişdir.

Müvəkkilin milli preventiv mexanizm (MPM) qismində fəaliyyəti. Müvəkkil ötən il də MPM funksiyalarını yerinə yetirən təsisat qismində fəaliyyətini davam etdirmişdir.
Aparatda təşkil edilmiş “İşgəncələrin qarşısının alınması şöbəsi” MPQ-nin (Milli Preventiv Qrupun) fəaliyyətini təmin etməklə yanaşı, müvafiq sahədə üzərinə düşən vəzifələri icra etmişdir.
MPQ rəhbəri Avropa Şurasının İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmlər Şəbəkəsinin üzvü və Müvəkkilin işgəncələr üzrə ixtisaslaşmış müşaviri kimi də fəaliyyətini davam etdirmişdir.
Respublikada fəaliyyət göstərən 244 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinin, o cümlədən penitensiar müəssisələrin, müvəqqəti saxlanılma təcridxanalarının, habelə sosial obyektlərin, ahıllar və əlillər üçün internat evlərinin və pansionatların, psixiatriya xəstəxanalarının siyahısı müəyyən edilmişdir. Bura Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin müvafiq müəssisələri daxildir.
Ötən il MPQ azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması yerlərinə mütəmadi olaraq plan üzrə və ya təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 383, o cümlədən plan üzrə 294, plandankənar isə 89 başçəkmə həyata keçirmişdir. Onlardan, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 284, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə (o cümlədən məntəqə tipli), həbsxanaya, müalicə müəssisəsinə 62,  Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasına və Müvəqqəti Saxlanılma Yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 5, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 10, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionatlarına, ahıllar və əlillər üçün internat evlərinə 5, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evlərinə 9, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 2 başçəkmə həyata keçirilmişdir.
Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 959, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 786, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə 80-dək saxlanılan şəxslə təklikdə, həmçinin bu müəssisələrin 150-dək əməkdaşı ilə fərdi söhbətlər aparılmışdır. Bu zaman müəssisə rəhbərləri və aidiyyəti vəzifəli şəxslər tərəfindən Müvəkkilə, habelə MPQ üzvlərinə lazımi şərait yaradılmış, verilmiş tövsiyələrin icrası və pozuntuların aradan qaldırılması üzrə tədbirlər görülmüşdür.
Həmin yerlərdə saxlanılan şəxslərlə təkbətək görüş zamanı saxlanma şəraiti, rəftar və saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlər araşdırılmış, hüquqlar izah edilmişdir.
Başçəkmələr zamanı görülmüş müsbət işlərlə yanaşı, nöqsanlar da aşkar edilmiş, onların aradan qaldırılması, habelə bu nöqsanların və saxlanma şəraitinin yoxlanılması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət olunmuşdur.
Baxışlar zamanı bəzi pozuntular da aşkar edilmişdir.
Müvəqqəti saxlanılma yerində xidmətin təşkilinə nəzarət və tələbkarlığı zəiflətdiyinə görə İmişli RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin rəisi polis mayoru C.Vəliyev, "Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı"nda qeydiyyatın aparılması zamanı nöqsanlara yol verdiklərinə görə Kürdəmir və İmişli rayon polis şöbələrinin məsul növbətçiləri, polis mayoru Ə.Musayev və polis kapitanı E.Cəfərov intizam məsuliyyətinə cəlb olunmuşlar. 
Müvəkkilin MPM qismində fəaliyyətinə dair 2013-cü ildə Azərbaycan və ingilis dillərində 129 rəsmi mətbuat xülasəsi yayımlanmış, ingilis dilinə tərcümə olunmuşları Avropa Şurasının İnsan hüquqları üzrə komissarına göndərilmişdir.
«İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair» 2009-2010, 2011 və 2012-ci illər üzrə hesabatlar Azərbaycan və ingilis dillərində nəşr olunmuş, təsisatın saytında yerləşdirilmiş, ictimaiyyətə və ixtisaslaşmış beynəlxalq qurumlara, o cümlədən BMT-nin İşgəncələrin qarşısını almaq üzrə Alt Komitəsinə (SPT), Avropa İşgəncələrin qarşısının alınması üzrə Komitəsinə (CPT) və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyaya (APT) göndərilmiş, 2013-cü il üzrə dördüncü hesabat isə  hazırlanmışdır.

Fikir və söz azadlığı. Son on ildə bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilmiş, xüsusilə də mətbuata dövlət dəstəyi davamlı olaraq artırılmış, dövlətin jurnalistlərə yüksək diqqət və qayğısının əyani sübutuna çevrilən mühüm tədbirlər görülmüş, söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət siyasəti ötən dövrdə də davam etdirilmişdir.
Belə ki, milli mətbuata ayrılan dövlət yardımlarının həcmi xeyli artırılmış, KİV-ə və fərdi jurnalist layihələrinə hərtərəfli dəstək göstərilmiş, media işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Dövlət vəsaiti hesabına 156 mənzilli bina tikilərək jurnalistlərin istifadəsinə verilmiş, mətbuat işçiləri üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müvafiq vəsait ayrılmışdır.
Fond tərəfindən ötən il də müsabiqələr təşkil edilmiş, qaliblər maliyyə yardımı almaq imkanı qazanmışlar.
Ötən ilin sentyabr ayında “RUH” Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilmişdir. Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilmişdir.
Müvəkkil insan hüquqları mövzusunda yazan media nümayəndələrinin hüquqi maarifləndirilməsinə, bu istiqamətdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təşəbbüslərinə daim diqqətlə yanaşmış, onlarla qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirmişdir.
Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün müxtəlif vaxtlarda insan hüquqları sahəsində maarifləndirmə tədbirləri, jurnalist yazıları üzrə ənənəvi müsabiqələr keçirilmiş, o cümlədən 10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü münasibətilə «Hüquqlar hamı üçün!» müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Müvəkkilin ünvanına daxil olmuş müraciətlər sırasında mətbuatda dərc edilmiş, şəxsin şərəf və ləyaqətin müdafiəsi hüququnun pozulmasına, onun işgüzar nüfuzuna xələl gətirilməsinə səbəb olmuş məlumatlardan müdafiə olunması kimi hallar üzrə araşdırmalar aparılmışdır.
Jurnalistlərə qarşı kobud rəftar hallarının yolverilməz olduğunu qətiyyətlə bildirən Müvəkkil media nümayəndələrinin hüquqlarının müdafiəsini, söz və ifadə azadlığının təmin olunmasını ötən dövrdə də nəzarətdə saxlamışdır.
Azərbaycan Mətbuat Şurasının rəsmi məlumatına əsasən, ötən il keçirilmiş aksiyalarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı hər hansı maneə faktı qeydə alınmamış, prosesi işıqlandıran media nümayəndələri tərəfindən də Şurada fəaliyyət göstərən komissiyanın və monitorinq qrupunun üzvlərinə müraciət olunmamış, “qaynar xətt”ə isə bununla bağlı hər hansı məlumat daxil olmamışdır.
Müvəkkil tərəfindən qəbul olunmuş Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyətinin üzvü İren Kitsu-Milonas Azərbaycan hökuməti tərəfindən “Diffamasiya haqqında” ayrıca qanun layihəsinin hazırlanmasının, ekspert rəyi üçün Venesiya Komissiyasına müraciət edilməsinin, habelə müvafiq müddəanın Milli Fəaliyyət Proqramında nəzərə alınmasının Avropa Şurası tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir. Müvəkkil həmin qanunun qəbul edilməsinin sürətləndirilməsini zəruri hesab edir.
Müvəkkil cinayət törətməyə görə məhkum edilmiş Əvəz Zeynallının, Fərəməz Novruzoğlunun, Ramin Bayramovun, Hilal Məmmədovun, eyni zamanda təqsirləndirilən şəxs qismində cəlb edilmiş Pərviz Həşimlinin, Sərdar Əlibəylinin, Vüqar Qonaqovun və Zaur Quliyevin vəziyyətini daim diqqətdə saxlamışdır. Müvəkkil və ya onun tapşırığı ilə aparatın əməkdaşları müntəzəm olaraq həmin şəxslərlə görüşmüş, vəziyyətləri, saxlanılma şəraiti, qidalanmaları, səhhətləri, onlara qarşı rəftarla bağlı mütəmadi olaraq müvafiq cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının rəhbərləri ilə əlaqə saxlamış, onlara öz tövsiyələrini vermişlər.
«Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 oktyabr tarixli Sərəncamına əsasən, Aydın Canıyev və Anar Bayramlı əfv edilmişlər.
Qeyd edilənlərlə yanaşı, müvafiq məhkəmə qərarlarına əsasən, Ramin Bayramov vaxtından əvvəl şərti azad olunmuş, Vüqar Qonaqova və Zaur Quliyevə şərti cəza verilmişdir.
Milli mətbuatın inkişafı, cəmiyyət tərəfindən geniş şəkildə qəbul edilməsi, eyni zamanda hər bir media nümayəndəsinin milli maraqları şəxsi istəklərdən, təsirlərdən üstün tutması zəruridir.
Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, tərbiyə almasında, müstəqilliyin durmadan möhkəmlənməsində milli mətbuatın da rolu danılmazdır.
Fikir və söz azadlığına malik olan hər bir şəxs, xüsusilə mətbuat nümayəndələri qarşılaşdıqları problemləri cəmiyyətə qərəzsiz və düzgün, qanunla müəyyən edilmiş qaydada və hər kəsin hüquq və azadlıqlarına hörmət prinsipinə əməl etməklə çatdırmağı bacarmalı, mövcud problemlərin həlli istiqamətində təkliflər isə reallığa əsaslanmalıdır. Milli və dini dözümlülüklə bağlı yazılara xüsusi diqqət verilməsi vacibdir.
Ölkəmizin müstəqilliyi, inkişaf yolu, milli prioritetlər, vətənpərvərlik ruhunun yüksəlməsi ilə bağlı yazılara üstünlük verilməlidir.
Əlaqədar dövlət qurumlarının, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, habelə Azərbaycan Mətbuat Şurasının jurnalistlərin peşəkarlığının artırılmasına, habelə gənc jurnalist kadrların yetişdirilməsinə istiqamətlənmiş treninq və seminarlara cəlb edilməsi üzrə tədbirləri əlaqəli şəkildə davam etdirilməlidir.

İnformasiya əldə etmək azadlığı. Bu sahə üzrə daxil olmuş müraciətlər təhlil edilmiş, zəruri araşdırmalar aparılmış və vətəndaşların hüquqlarının təmin edilməsi məqsədilə tədbirlər görülmüşdür.
İnformasiya cəmiyyətinin bərqərar olduğu bir vaxtda «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən yerinə yetirilməsinə nəzarətin Müvəkkilə həvalə edilməsi, onun mandatının və səlahiyyət dairəsinin bu istiqamətdə genişləndirilməsi Müvəkkilin Konstitusiya qanunu ilə müəyyən edilmiş müstəqilliyinin daha səmərəli təmin edilməsinə yönəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421 saylı Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində 2013-2014-cü illərdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Müvəkkil Aparatının strukturunun təkmilləşdirilməsi, aidiyyəti əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edilənlərlə bağlı Müvəkkilin Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim etdiyi təkliflərin icrasının sürətləndirilməsinə ehtiyac vardır.
Ötən ildə də kütləvi informasiya vasitələrinin təmsilçiləri və informasiya sahibləri olan dövlət qurumlarının, vətəndaş cəmiyyətinin nümayəndələri, media hüquqları üzrə tanınmış ekspertlərlə silsilə məsləhətləşmələr aparılmışdır.
Səlahiyyətli dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştiraki ilə «İnformasiya əldə etmək azadlığı» mövzusunda keçirilən növbəti məsləhətləşmədə Müvəkkilə həmin qanunda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə verilən səlahiyyətlər, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Bu zaman “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun yalnız jurnalistlərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə deyil, eyni zamanda hər bir vətəndaşa şamil olunduğu diqqətə çatdırılmışdır. Müzakirə olunan məsələ ilə bağlı aparatda yaradılacaq yeni şöbə və onun təklif olunmuş struktur bölmələri barədə məlumat verən Müvəkkil buraya hüquqşünaslarla yanaşı, informasiya işini bilən mütəxəssislərin də cəlb olunacağını qeyd edərək, bu Qanunun və Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində səylərin birləşdirilməsini tövsiyə etmişdir.
Müvəkkil ildə iki dəfə keçirilən monitorinqin nəticəsi kimi, informasiya sahibi olan dövlət qurumlarının müvafiq qanunda  nəzərdə tutulmuş vəzifələrin icrası üzrə arayışlarının göndərilməsi, təhlili, ümumiləşdirilməsi və Müvəkkilin internet səhifəsində yerləşdirilməsi, qeyd edilən qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, informasiya sahibləri olan dövlət qurumlarının müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən qeyd edilən qanunun və Milli Fəaliyyət Planının müddəalarının dərindən öyrənilməsi və tətbiqi, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi, dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi, elektron məlumat toplusunun (reyestrin) yaradılması, mətbuat xidmətlərinin əməkdaşları, kütləvi informasiya vasitələri nümayəndələri və ümumilikdə əhali üçün paytaxt və regionlarda geniş hüquqi maarifləndirmə və təbliğat işinin aparılması, bölgələrdə əhalinin məlumatlandırılması üçün “Açıq qapı” tədbirləri təcrübəsinin genişləndirilməsi, əməkdaşlığın əlaqəli və canlı şəbəkə şəklində qurulması, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlığının yüksəldilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsinə diqqətin artırılması kimi təkliflər irəli sürmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 692 saylı Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq, “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi”nin iştirakçısı kimi Müvəkkilin aparatı tərəfindən müvafiq sistemə qoşulmaq məqsədilə məqsədyönlü işlər aparılmışdır. 2003-cü ildən fəaliyyətdə olan Elektron Məlumat Bazasının imkanlarının genişləndirilməsi və işinin təkmilləşdirilməsi məqsədilə yeni elektron proqram sisteminin hazırlanması və ona keçidin tətbiqi üçün tədbirlər həyata keçirilməkdədir.
 
Vicdan azadlığı. Ölkəmizdə mehriban şəraitdə yaşayan, həmrəylik və dostluq nümayiş etdirən müsəlmanlar, xristianlar, o cümlədən pravoslav və katoliklər, habelə yəhudilər və digərləri dinlərarası dialoqu inkişaf etdirməkdədirlər ki, bu da dini tolerantlığın bariz nümunəsidir.
Ölkəmizdə bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə münbit şərait yaradılmışdır.
Dini-mənəvi dəyərlərin inkişafına böyük əhəmiyyət verilmiş, tarixi-dini abidələrin bərpası istiqamətində tədbirlər davam etdirilmiş, məscid, kilsə və sinaqoqlarda təmir-bərpa işləri aparılmışdır.
Qeyd edilən diqqətin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril tərəfindən Birinci dərəcəli “Şərəf və şöhrət” ordeni ilə təltif edilmiş, Vatikan dövlətinin - Müqəddəs Taxt-Tacın ən yüksək mükafatlarından olan “Medalla Sede Vacante” medalına layiq görülmüşdür.
Respublikamızda ötən il də dini dözümlülük hökm sürmüş, dövlət orqanlarının və vəzifəli şəxslərin vətəndaşlar tərəfindən dinə münasibətin müəyyən edilməsi məsələlərinə, dini birliklərin qanuni fəaliyyətinə müdaxiləsi halları olmamışdır.  
Dini qurum və icmaların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmasına və ya fəaliyyətlərinə heç bir məhdudiyyət qoyulmamış və dini etiqad azadlığının təmin edilməsi üçün şərait yaradılmışdır.
Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsi sahəsində vəziyyət Müvəkkilin diqqətində olmuş, bu məqsədlə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri haqqında fikir mübadilələri təşkil edilmişdir.
Müvəkkil dini icmaların nümayəndələri ilə görüşləri zamanı onlara dini etiqad azadlığı sahəsində milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin tələblərini izah etmiş, dövlətin ərazisində fəaliyyət göstərən bütün dini icmaların qanunauyğun fəaliyyət göstərməsinin və hüquqa hörmətlə yanaşmağın zəruriliyini bildirmişdir.
Yerli və beynəlxalq səviyyəli tədbirlərdə dini tolerantlıq, müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri, din vasitəsilə sülh mədəniyyəti, milli və dini dözümlülüyün bu sahədə rolu, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, uşaq və gənclərə dini tolerantlığın aşılanması məqsədilə təhsil müəssisələrində dinşünas və ilahiyyatçı alimlərin də qatıldığı maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı Müvəkkilin təklifləri diqqətə çatdırılmışdır.
Müvəkkil irqi, milli, dini və digər mənsubiyyətinə görə ayrı-seçkilik, ksenofobiya, etnik təmizləmə və digər bu kimi hallarla mübarizənin milli insan hüquqları institutlarının və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların prioritet vəzifələri sırasına daxil edilməsini, insan hüquqlarının kobud pozuntuları ilə müşayiət olunan cinayətlərə yol vermiş dövlətlərin beynəlxalq səviyyədə cəzalandırılması istiqamətində səylərin birləşdirilməsini zəruri hesab etmişdir.
Ötən il vicdan azadlığı ilə bağlı 5 müraciət daxil olmuş, müvafiq araşdırmalar aparılmış, pozulmuş hüquqlar bərpa edilmişdir. Bu müraciətlərdə tələbələrin hicabdan istifadə etdiyi və ya saqqal saxladığı üçün dərsə buraxılmaması öz əksini tapmışdır. Müvəkkilin müdaxiləsindən sonra həmin tələbələr dərslərə buraxılmış və təhsilini davam etdirmişdir.
Mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin böyük rola malik olduğunu qeyd edən Müvəkkil jurnalistləri din və vicdan azadlığı mövzusunda yazarkən məsuliyyətli və həssas olmağa, dinlərarası körpülərin yaradılmasına səy göstərməyə çağırmış, dini mövzuda yazan jurnalistlər üçün seminarların keçirilməsini təklif etmişdir.

Sərbəst toplaşmaq azadlığı. Müvəkkil bu hüququn təmin edilməsi ilə bağlı vəziyyəti ötən il də diqqətdə saxlamışdır.
Aparatın əməkdaşları “Binə” ticarət mərkəzinin qarşısında keçirilmiş aksiyada saxlanılanlarla əlaqədar araşdırma məqsədilə Bakı istintaq təcridxanasına, Qaradağ RPİ-nin 10-cu polis bölməsinə, Yasamal RPİ-nin Müvəqqəti saxlanılma yerinə və Bakı ŞBPİ-nin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə baxış keçirmişlər.
Cinayət işi üzrə təqsirləndirilən şəxslərlə, eləcə də inzibati həbs edilmiş 2 şəxslə söhbət zamanı onlar saxlanılma şəraitindən şikayət etməmişlər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər isə barələrində başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasına köməklik göstərilməsini xahiş etmişlər.
Müvəkkil qeyd edilən halların yoxlanılması və cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroruna və daxili işlər nazirinə müraciət etmişdir.
Nazirlik tərəfindən verilmiş cavabda bildirilmişdir ki, qanunsuz aksiya zamanı 2 saat ərzində Bakı-Salyan şossesinin 14-cü kilometrliyində avtomagistral yolu bağlanaraq ictimai qayda kobud surətdə pozulmuş və hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilmiş, faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü və 315.2-ci maddələri ilə cinayət işi başlanılmışdır.
Müvəkkilin tapşırığına əsasən, aparatın əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə baxış həyata keçirmiş, 2013-cü il 10 mart tarixindəki aksiya zamanı saxlanılan şəxslərlə görüşmüş, onlara qarşı rəftarı, saxlanılma şəraitini və saxlanılmanın qanuniliyini təsdiq edən sənədləri araşdırmışlar.
İnzibati qaydada həbs olunmuş şəxslərlə söhbət zamanı onlar saxlanıldıqları müəssisədə şəraitdən və onlara qarşı rəftardan şikayət etməmişlər.
Aparatın əməkdaşı olan həkim onların səhhəti ilə tanış olmuş və problemlərinin olmadığı müəyyən edilmişdir. Həmin şəxslərin hər birinin qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əsasən, ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi saxladığı müəyyən olunmuşdur.
Qeyd edilməlidir ki, rayon və şəhərlərdə sərbəst toplaşmaq üçün çoxsaylı açıq və qapalı yerlər müəyyən edilmişdir. Müvəkkil tərəfindən bu yerlərdə aparılmış monitorinqlər zamanı onların vəziyyətinin qənaətbəxş olduğu, rabitə və digər zəruri vasitələrlə təmin edildiyi müəyyən olunmuşdur.
Milli Fəaliyyət Proqramının respublikamızın regionlarında təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə ölkənin hər bir şəhər və rayonunda keçirilən ictimai dinləmələr zamanı rayon (şəhər) polis orqanlarının rəhbərliyi və şəxsi heyəti ilə görüşlər keçirilmiş, hüquqi maarifləndirmə işi aparılmış, prezident seçkiləri zamanı sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə şərait yaradılmasının daim diqqət mərkəzində saxlanılması, habelə polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı qeyri-etik davranışın, kobudluğun yolverilməzliyi, fəaliyyətin daha da təkmilləşdirilməsi tövsiyə olunmuşdur.

Seçki hüququ. Ötən il Müvəkkil və əməkdaşları tərəfindən seçki hüququ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıqda silsilə tədbirlər təşkil edilmiş, respublikanın 58 şəhər və rayonunda əhali arasında geniş və əhatəli maarifləndirmə işi aparılmış, seçki hüququnun təmini vəziyyəti üzrə üç monitorinq həyata keçirilmişdir. Bu monitorinqlər respublikanın hər bir rayonunda keçirilmiş ictimai dinləmələrdən, bölgələrdə seçkiqabağı vəziyyətin öyrənilməsindən və seçki günü seçki prosesinin müşahidə edilməsindən ibarət olmuşdur.
Müvəkkil seçki hüququ ilə bağlı  Şəki, Gəncə, Cəlilabad, Quba və Füzuli rayonlarında, ümumilikdə 40 şəhər və rayon üzrə Mərkəzi Seçki Komissiyası və 54 dairə seçki komissiyası üzvlərinin iştirakı ilə silsilə regional maarifləndirmə tədbirləri keçirmişdir.
Həmin tədbirlərdə Mərkəzi Seçki Komissiyasının məsul işçiləri, müvafiq şəhər və rayon icra hakimiyyətlərinin, məhkəmə, prokurorluq və polis orqanlarının, dairə və məntəqə seçki komissiyalarının, bələdiyyələrin nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əməkdaşları, yerli qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin və yerli icmaların təmsilçiləri, qaçqın və məcburi köçkünlər, geniş ictimaiyyət iştirak etmişlər.
Müvəkkil müxtəlif vaxtlarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ölkəmizdə keçirilən Prezident seçkilərini müşahidə missiyasının rəhbəri Tana de Zuluetanı və onun başçılıq etdiyi nümayəndə heyətini, habelə seçkiləri izləyəcək MDB üzrə müşahidə missiyasının üzvlərini, Rusiya Federasiyası Moskva şəhərinin və Yaroslavl vilayətinin İnsan hüquqları üzrə müvəkkilləri Aleksandr Muzıkantskini və Sergey Baburkini, habelə Şəkidə ATƏT-in region üzrə müşahidəçilərindən olan P.Vessonu qəbul etmişdir.
Müvəkkil və təsisatın 39 əməkdaşı ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Bakı şəhəri və ölkənin bütün regionlarını əhatə etməklə, bir çox seçki dairələrinin seçki məntəqələrində özlərinin təşəbbüsü ilə qeydiyyatdan keçərək müşahidəçi qismində seçkilərə qatılmışlar. Onlar qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində, ali hərbi məktəblərdə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında da səsvermə prosesini izləmişlər. Ümumilikdə Bakı şəhərində və 50-dən çox rayonda 107 seçki dairəsi üzrə 391 seçki məntəqəsində müşahidə aparılmışdır.
Müvəkkil paytaxtın bütün rayonlarında bir çox seçki dairələri üzrə seçki məntəqələrində, o cümlədən qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində təşkil edilmiş, habelə məcburi köçkünlər üçün yaradılmış məntəqələrdə səsvermə prosesini şəxsən izləmiş, eyni zamanda respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində səsvermə prosesində iştirak edən əməkdaşlardan müntəzəm olaraq məlumatları qəbul etmiş və Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə ötürmüşdür.
Səsvermə günü Müvəkkil aparılan müşahidələrin nəticələrini ümumiləşdirərək Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzində kütləvi informasiya vasitələrinin və televiziya kanalları ilə ictimaiyyətin diqqətinə çatdırmışdır.
Ümumilikdə yüksək seçici fəallığı şəraitində keçən səsvermə zamanı yerli icra strukturları və polis əməkdaşları tərəfindən səsvermə prosesinə müdaxilə halları müşahidə edilməmiş, səsvermənin nəticələrinə təsir edə və ya qanunauyğunluğunu şübhə altına ala biləcək pozuntulara rast gəlinməmişdir.
Müşahidələrin nəticəsi kimi qeyd olunmalıdır ki, seçkilər demokratik, azad, şəffaf, ədalətli və qanunvericiliklə müəyyən edilmiş qaydada, nizam-intizamla, mütəşəkkil keçirilmiş, seçki hüquqlarının təmini, səsvermə prosesinin təşkili məqsədi ilə ciddi tədbirlər görülmüş, seçkilərdə seçici fəallığı müşahidə olunmuşdur.
Təqdirəlayiq haldır ki, müxtəlif qurumları, siyasi partiyaları, ictimai təşkilatları, kütləvi informasiya vasitələrini, habelə beynəlxalq təşkilatları təmsil edən ümumilikdə 50 min nəfərdən artıq müşahidəçi seçki prosesində mütəşəkkil iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirmişlər.
Seçkilərdə qanun pozuntularına, müdaxilə faktlarına yol verilmədiyi, yerli icra hakimiyyəti orqanlarının və polisin davranışının müvafiq qaydalara uyğun olduğu müşahidə edilmişdir.
Seçki prosesini izləyən beynəlxalq müşahidəçilər, bir qayda olaraq, seçkilərin beynəlxalq standartlara müvafiq keçirildiyini qeyd etmişlər.
Mərkəzi Seçki Komissiyasının, dairə seçki komissiyalarının, əlaqədar dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların nümayəndələri də cəlb edilməklə «Seçki monitorinqi» mövzusunda seminarların keçirilməsi, müşahidəçilər üçün və əhalinin maarifləndirilməsi məqsədi ilə seçkilər üzrə treninqlərin təşkil edilməsi, habelə seçkilərə hazırlıq işlərinin monitorinqinin aparılması seçkilərdə nöqsanlara yol verilməməsi üçün şərait yaratmışdır.
Xüsusi olaraq qeyd edilməlidir ki, 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri dövründə seçki hüququnun pozulması ilə bağlı Müvəkkilin ünvanına şikayət daxil olmamışdır.
Məlum olduğu kimi, seçki günü 125 seçki dairəsi üzrə 5.492 seçki məntəqəsində keçirilən səsvermədə iştirak etmiş seçicilərin 84,54%-i Prezidentliyə namizəd İlham Əliyevin lehinə səs vermişdir.
2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləmişdir.

Müraciət etmək hüququ. Nazirlər Kabinetinin iclaslarında, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyəti ilə yerində tanış olmaq məqsədilə respublikanın şəhər və rayonlarına səfərləri zamanı, habelə yerli ictimaiyyət nümayəndələri ilə görüşlərində ölkə Prezidenti vətəndaşların ərizə və şikayətlərinə təxirə salınmadan baxılması ilə bağlı vəzifəli şəxslərə ciddi göstərişlər vermişdir.
Prezident İlham Əliyev 2014-cü il 5 fevral tarixində Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı yekun nitqində demişdir: “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır.”
Ədalət prinsipinin tam təmin olunmasına xüsusi diqqət yetirilməklə vətəndaşların qəbul edilməsi, onların müraciətlərinə yüksək diqqət, qayğı və həssaslıqla yanaşılması, ərizə və şikayətlərinin baxılaraq həll olunması məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ötən il respublikanın müxtəlif şəhər və rayonlarında vətəndaşları qəbul etmiş, müvafiq sahələrin fəaliyyəti ilə bağlı hər bir müraciəti, o cümlədən ərizə, şikayət və təklifləri diqqətlə nəzərdən keçirmiş, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar vermişlər. Bu qəbullar zamanı vətəndaşları narahat edən məsələlərin bir qismi yerində həll edilmiş, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görülməsi ilə bağlı icraata qəbul olunmuş və nəzarətə götürülmüşdür.
Ötən il respublikanın şəhər və rayonlarında yerli icra hakimiyyətlərinin başçıları və digər vəzifəli şəxslər tərəfindən müntəzəm olaraq vətəndaşların qəbulu keçirilmiş, habelə səyyar qəbullar və rayon sakinləri ilə görüşlər zamanı rayonda görülən işlər barədə sakinlərə ətraflı məlumat verilmiş, onların müraciətləri dinlənilmiş, icraata alınmışdır.
“ASAN xidmət” mərkəzlərinin yaradılması vətəndaşların müraciətlərinin vaxtında cavablandırılmasında, bürokratik əngəllərin qarşısının alınmasında böyük önəm daşımaqdadır. Qeyd edilməlidir ki, həmin mərkəzlərdə şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı müraciətlər üstünlük təşkil etmişdir.
Məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasından ibarət olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti vətəndaşla dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verməkdədir.
Bütövlükdə, ASAN xidmətinin tətbiqi demokratik idarəetmənin təkmilləşməsi, süründürməçiliyin, bürokratik əngəllərin, korrupsiya ehtimalının qarşısının alınması, dövlət-vətəndaş münasibətlərinin təkmilləşməsi üçün geniş imkanlar yaratmışdır. ASAN xidmət mərkəzlərində 9 dövlət strukturu tərəfindən 25 növ, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 22 növ funksional yardımçı xidmət göstərilir. Ümumilikdə bu mərkəzlərdə vətəndaşlara 150 növə yaxın xidmət göstərilir. Bununla yanaşı, 108 “Cağrı” mərkəzinə zəng etməklə göstərilən xidmətlər barədə məlumat əldə etmək mümkündür.
2014-cü il fevralın 1-dən pilot layihə olaraq 1 saylı ASAN xidmət mərkəzində Bakı şəhərinin Nərimanov rayonunda 3 xidmət üzrə vətəndaşlara səyyar xidmət təşkil edilmişdir.
“Elektron xidmət növlərinin Siyahısı”na davamlı olaraq xidmət növlərinin əlavə edilməsi vətəndaşların xidmətlərdən maneəsiz yararlanmasına yardım edir.
Dövlət qurumları, habelə idarə, müəssisə və təşkilatlar tərəfindən vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi sahəsində müsbət dəyişikliklər diqqəti cəlb etmişdir. Bununla belə, ölkə konstitusiyası ilə vətəndaşlara verilmiş istənilən hüququn və ya azadlığın pozulması ilə bağlı müraciət hüququndan istifadə edərək, səlahiyyətli dövlət qurumlarına, yerli icra strukturlarına, idarə, müəssisə və təşkilatlara müraciət edən insanların bu hüququnun həmin orqanlar tərəfindən təmin edilməməsi onların digər hüquqlarının da pozulmasına səbəb olur. Belə ki, hüquq pozuntusunun qarşısının alınmasında və ya pozulan hüququn bərpa edilməsində ciddi maneələr yaranır.
Ötən il müraciət etmək hüququ ilə bağlı daxil olmuş 1.246 müraciət üzrə araşdırmalar aparılmış, məsələlər üzrə təxirəsalınmaz, təcili və ya planlı tədbirlər görülmüş, ərizəçiləri narahat edən məsələlərə aydınlıq gətirilmiş, məlumatlandırma və izahat işləri aparılmış, bununla da vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, bəzi hallarda başqa hüquq pozuntularının qarşısı alınmışdır.
Başqa hüquqlardan istifadə edilməsində böyük əhəmiyyət daşıyan bu hüququn pozulması ilə bağlı müraciətlərdə sosial, mülkiyyət, mənzil, kommunal, torpaq, aqrar və digər problemlər öz əksini tapmışdır.
Müvafiq dövlət qurumlarına və ya icra strukturlarına ünvanlanmış müraciətləri cavabsız qalan və ya qaneedici cavab almayan bir sıra vətəndaşlar Müvəkkilə müraciət etmiş, hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş etmişlər.
Yerli icra hakimiyyəti orqanları ilə bağlı 1.085 müraciət daxil olmuşdur. Təhlillər göstərir ki, vətəndaş narazılıqlarının qarşısının alınması və pozulmuş insan hüquqlarının bərpa edilməsi, ümumiyyətlə, insan hüquqlarının təmin edilməsi məqsədilə yerli icra hakimiyyəti başçıları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli strukturları tərəfindən əhali ilə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin yerində öyrənilməsi işinin təkmilləşdirilməsi davamlı prosesdir.
Bəzi vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul edilməməsi, müraciətlərə cavab verilməməsi və ya cavabın gecikdirilməsi, formal və əsaslandırılmamış cavablarla kifayətlənmək, yaxud cavabın yazılı qaydada verilməməsi, xüsusilə də süründürməçilik hallarına yol verilməsi müraciət etmək hüququnun pozulmasına səbəb olmuşdur.
Hələ də bəzi məmurlar sürətlə təkmilləşən dövlət idarəetməsinə uyğunlaşa bilmədiyindən vətəndaş müraciətlərinə və vəzifələrinin icrasına məsuliyyətlə yanaşmır, narazılıqlara və çoxsaylı şikayətlərə səbəb olurlar.
Vətəndaşların şifahi müraciətlərinin müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alınmaması da müraciət etmək hüququnun pozulmasına və süründürməçilik hallarına yol verilməsinə səbəb olur. Dövlət orqanları vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə onlarla izahat və hüquqi maarifləndirmə işi də aparmalıdır.
Elektron xidmətlərin həyata keçirilməsi ilə bağlı vətəndaşların müraciət etmək imkanlarının artırılması məqsədilə rayon və şəhərlərdə elektron müraciət terminallarının yaradılması işinin sürətləndirilməsi və onlara bu terminallardan istifadənin öyrədilməsi məqsədəmüvafiqdir. Artıq bununla bağlı regionlarda treninqlərin keçirilməsi Rabitə və İnformasiya Nazirliyi ilə razılaşdırılmışdır.
Qeyd edilənlər bir daha göstərir ki, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu sahəsində obyektivliyin, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən islahat tədbirlərinin davam etdirilməsinə hələ də ehtiyac vardır.

Hüquq və azadlıqların məhkəmə təminatı. Məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə genişmiqyaslı islahatlar ötən il də davam etdirilmiş, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülmüş, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilmişdir.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqi, peşəkarlığın artırılması, habelə icra və əmək intizamına ciddi əməl olunması, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının, korrupsiyaya şərait yaradan və digər neqativ halların qətiyyətlə aradan qaldırılması üzrə tədbirlər mühüm əhəmiyyət daşımışdır.
Hakimlərin səmərəli seçimi prosesi çərçivəsində çoxmərhələli imtahanları, habelə uzunmüddətli təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 72 nəfər hüquqşünas hakim vəzifəsinə təyin edilmişdir.
Ötən il 3 hakim barədə intizam icraatına baxılaraq qanunvericiliyin tələblərinin pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi Ziya Əliyevin və Masallı rayon məhkəməsinin hakimi Vidadi Nəsirovun iş yerinin dəyişdirilməsi barədə qərarlar qəbul edilmiş, Sabunçu rayon məhkəməsinin hakimi Elşən Kazımova irad tutulmuş, birinci instansiya məhkəmələrinin qanunvericiliyin tələblərini pozan 4 hakimi barədə intizam icraatları başlanılmışdır.
Məhkəmə-Hüquq Şurasında səlahiyyət müddəti bitən və fəaliyyəti müsbət dəyərləndirilən 32 hakimin yuxarı instansiya məhkəmələrinə irəli çəkilməsi qeyd edilmiş, 64 hakimin müxtəlif birinci instansiya məhkəmələrinə, həmçinin sədr vəzifələrinə təyinatı, bir qrup hakimin iş yerinin dəyişdirilməsi barədə təkliflər verilmişdir. Eyni zamanda yol verdikləri ciddi nöqsan və çatışmazlıqlara görə 3 məhkəmə sədrinin vəzifədən azad olunması, habelə 5 hakimin səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır.
Məlumatlara əsasən, son illər hakim ştatlarının sayının 2 dəfə, məhkəmə aparatı işçilərinin sayının isə 75% artırılması, 12 yeni regional məhkəmənin yaradılması və məhkəmə infrastrukturunun yaxşılaşdırılması məhkəmə işlərinin keyfiyyətinə də təsir göstərmişdir.
Müvəkkil təsisatı ilə Ədliyyə Akademiyası arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri ötən il də davam etdirilmiş, aparatın əməkdaşları müxtəlif vaxtlarda həmin akademiyanın dinləyiciləri, o cümlədən hakimliyə namizədlər qarşısında məruzələrlə çıxış etmişlər.
Ötən il hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı Müvəkkilin ünvanına 1.501 müraciət daxil olmuşdur.
Müraciətlərin ümumiləşdirilmiş təhlili göstərir ki, bu sahədə bəzi problemlər hələ də qalmaqdadır. Belə ki, müraciətlər, əsas etibarilə, bəzi hakimlər tərəfindən məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın (bildirişin) göndərilməməsi və ya gec göndərilməsi, tərəflərin bərabərliyinə və çəkişmə prinsipinə əməl edilməməsi, məhkəmə proseslərinin təyin edilən vaxtda başlanmaması, müdafiə hüququnun real təmin olunmasına şəraitin yaradılmaması, məhkəmə iclası zamanı tərəflərin vəsatətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə əhəmiyyət verilməməsi, təqdim edilmiş sənədlərin itirilməsi və ya işə əlavə edilməməsi, vətəndaşlarla kobud rəftar hallarına yol verilməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, məhkəmə qərarlarında texniki səhvlərə və qərar hissəsində natamamlığa yol verilməsi, apellyasiya və kassasiya şikayətlərinin aidiyyəti üzrə vaxtında göndərilməməsi, apellyasiya və ya kassasiya şikayətlərinin aidiyyəti üzrə yuxarı instansiya məhkəməsinə göndərilməməsi, gec göndərilməsi, qəbul edilməsindən imtina edilməsi haqqında tərəflərin məlumatlandırılmaması, iddia ərizələrinin əsaslandırılmadan qaytarılması, süründürməçilik halları, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi və ya icra məmurlarının təqdimatlarına vaxtında baxmaması, icra işində süründürməçiliyə yol verilməsi ilə bağlı olmuşdur.
Məhkəmələr tərəfindən vətəndaş müraciətlərinin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılması, habelə prosessual qanunvericiliklə məhkəmələrin üzərinə düşən vəzifələrin vaxtında və kəsirsiz yerinə yetirilməsi şikayətlərin azalmasına imkan yaradardı.
Bir sıra hallarda məhkəmə qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilmir ki, bu da həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnir. Məhkəmə qərarlarının verilməməsi ilə bağlı şikayətlər üzrə araşdırmalar zamanı verilmiş cavablarda qərarların ərizəçiyə vaxtında, hətta təkrarən göndərildiyi bildirilsə də, bəzi hallarda bunun həqiqəti əks etdirmədiyi məlum olmuşdur.
Məhkəmələrdə süründürməçilik hallarına yol verilməsi ilə bağlı müraciətlər üzrə də səlahiyyətlər çərçivəsində tədbirlər görülmüş, habelə məhkəmələrdə işlərə baxılması ilə bağlı narazılıq yaratmış digər hallar üzrə də araşdırmalar aparılmış və qanunamüvafiq qaydada nəticələndirilmişdir.
Qeyd edilən hallar bir daha təsdiq edir ki, məhkəmə qərarlarının qəbul edilməsi zamanı ədalət prinsiplərinə və qanunçuluğa ciddi əməl edilməsi, vətəndaş-məmur münasibətlərinə böyük diqqət verilməsi, məhkəmələrdə ictimai monitorinqlərin aparılması və nəticələrinin ictimailəşdirilməsi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən öyrənilməsi və tətbiq edilməsi, peşəkarlığın artırılması, əmək və icra intizamının möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla və qayğı ilə yanaşılması, korrupsiya hüquqpozmalarına yol verilməməsi vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli təmin edilməsində vacib şərtlərdəndir.
Müvəkkil aparılmış təhlillərin nəticəsi olaraq, hakimlər tərəfindən etik davranış qaydalarına ciddi riayət olunmasını, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına yol verilməməsini, vətəndaş müraciətlərinin vaxtında və dəqiq araşdırılmasını, hakimlərin və məhkəmə aparatı işçilərinin maddi və sosial təminatının yaxşılaşdırılmasını, əhaliyə göstərilən hüquqi yardımın təkmilləşdirilməsi üzrə əlavə mexanizmlərin müəyyən olunmasını tövsiyə edir.

İnsan hüquqlarının müdafiəsi sahəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq

 Prokurorluq orqanları ilə əməkdaşlıq. Aparatın əməkdaşları prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunmuş şəxslər üçün Ədliyyə Akademiyasında təşkil edilmiş icbari təlim kurslarında “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində Ombudsmanın rolu”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında”  Azərbaycan Respublikasının Konstitusiya Qanununun insan hüquqlarının müdafiəsində rolu” və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı və prokurorluq orqanları qarşısında duran vəzifələr” və başqa mövzularda mühazirələr oxumuşlar.
Pozulmuş hüquqların bərpası sahəsində Müvəkkilin prokurorluq orqanları ilə əməkdaşlığı ötən il də səmərəli olmuşdur.
Müvəkkilin ünvanına prokurorluq orqanları ilə bağlı 663 müraciət daxil olmuşdur. Həmin müraciətlərin bir çoxu Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə səmərəli əməkdaşlıq şəraitində araşdırılmış, pozulmuş insan hüquqları istiqamətində zəruri tədbirlər görülməklə bərpa olunmuşdur.
Həmin müraciətlər üzrə prokurorluq orqanlarına ümumilikdə 1.016, o cümlədən Baş Prokurorluğa və onun baş idarələrinə 697, yerli prokurorluq orqanlarına 287, hərbi prokurorluq orqanlarına isə 34 sorğu göndərilmiş, müvafiq yoxlama tapşırıqları verilmiş, araşdırmalar aparılmışdır.
Müvəkkilin prokurorluq orqanlarına müraciətlərindən sonra aparılmış yoxlamalar nəticəsində bir çox hallarda cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması, cinayət işinin icraatına xitam verilməsi barədə qərarlar ləğv edilmiş, həmçinin toplanılmış materiallar başqa istintaq orqanına göndərilmiş və cinayət işi başlanılmış, habelə sübutların qiymətləndirilməsindən sonra törədilmiş cinayət əməli Cinayət Məcəlləsinin bir maddəsindən digər maddəsinə tövsif edilmişdir.
Bəzən vətəndaşların şikayətlərində qeyd edilən xüsusatların araşdırılmadığı, materiallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığı, bütün imkanlardan yetərincə istifadə edilmədiyi müəyyən edilmiş, bu səbəbdən də bir sıra hallarda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar təhqiqata və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokurorluq tərəfindən ləğv edilərək material təkrar təhqiqata qaytarılmışdır.
Təhqiqatçılar tərəfindən eyni iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərarların dəfələrlə ləğv edilməsi halları da diqqəti cəlb etmişdir. Bu hallar vətəndaşların hüquqlarının pozulmaqda davam etməsinə və süründürməçiliyə şərait yaratmışdır.
Prokurorluq orqanlarına şikayətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı göndərilmiş sorğulara natamam və ya mahiyyətindən kənar cavabların verilməsi halları da olmuşdur.
Prosessual qərarları prokuror tərəfindən ləğv edilmiş, bu səbəbdən icraatında olan material üzrə araşdırma prosesindən kənar edilmiş, təhqiqata və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya yuxarı prokurorluğun göstərişlərinə əməl etməyən, cinayət prosessual normalarının tələblərinə riayət etməyən, bununla da vətəndaşın hüquqlarının və qanuni maraqlarının pozulmasına səbəb olan prokurorluq əməkdaşları cəzalandırılmamış, odur ki, belə hallarda tədbirlərin ciddiləşdirilməsi, həmçinin prokuror nəzarətinin gücləndirilməsi zəruridir.
Cinayət işinin başlanılmasının rədd edilməsi, cinayət işinə xitam verilməsi, habelə digər prosessual qərarların müvafiq şikayətlərdən sonra aparılmış yoxlamalar nəticəsində prokuror tərəfindən ləğv edilməsi ilk baxışdan müsbət görünsə də, əslində təhqiqata və ya istintaqa nəzarətin gücləndirilməsini tələb edir.
Yeri gəlmişkən, rəsmi məlumata əsasən, Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 49 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir.
Hərbi Prokurorluq tərəfindən aparılmış 51 xidməti yoxlamanın nəticələrinə görə, xidməti fəaliyyətində qanun pozuntusuna və nöqsanlara yol vermiş 20 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, 3 əməkdaş barəsində Baş prokurora təqdimatlar verilmişdir.
Müvəkkilin istintaqın qeyri-obyektiv aparılmasına dair daxil olmuş bir sıra digər şikayətlər üzrə də Baş Prokurorluğa müraciətləri ilə bağlı müvafiq yoxlamalar aparılmış və nəticələndirilmişdir.
İşin əməli və düzgün təşkili, o cümlədən istintaqın və ibtidai araşdırmaya prossessual rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə baxılması və onların qəbul olunması işinin daha da təkmilləşdirilməsi, aşkarlığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi prokurorluq orqanları tərəfindən insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ədliyyə orqanları ilə əməkdaşlıq. Müvəkkil təsisatı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri davam etdirilmiş, icbari təlim kurslarının məşğələlərində dinləyicilər qarşısında mütəmadi olaraq, Müvəkkil və aparatın əməkdaşları “Milli Fəaliyyət Proqramının insan hüquqlarının müdafiəsində rolu”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində Ombudsmanın rolu” və “Ombudsman institutu insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edir” kimi mövzularda mühazirələr oxumuşlar.
Müvəkkilin ünvanına daxil olmuş bəzi şikayətlərdə notariat və icra məmurlarının, habelə bələdiyyələrin fəaliyyətindən narazılıq, o cümlədən vətəndaşa məxsus torpaq sahəsinin və ya onun bir hissəsinin başqa çəxsə satılması, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmaması, süründürməçilik halları da öz əksini tapmışdır.
Qeyd edilən şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində bir sıra hallarda vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir.
Rəsmi məlumata əsasən, 52 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılmış və 25 fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
2013-cü ildə məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı Müvəkkilin ünvanına 697 müraciət daxil olmuşdur. Müraciətlərdə məhkəmə qərarlarının icra edilməməsi, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə kobud rəftar, etik davranış qaydalarının pozulması kimi hallar öz əksini tapmışdır.
İcra məmurlarının qanunla onlara verilmiş səlahiyyətlərdən yetərincə istifadə etmədiyi, borclunun axtarışı ilə bağlı tədbirlər görmədən, işi icra edilmədən məhkəməyə qaytardığı hallar da hüquqların pozulmasına səbəb olmuşdur.
Müraciətlər üzrə zəruri araşdırma işi aparılmış və əsasən həmin qərarların icrasına tam və ya qismən nail olunmuş, nəticədə bir çox vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir.
Ümumiyyətlə, aliment və əmlak tələbinə, borcun qaytarılmasına dair məhkəmə qərarları üzrə icra işləri bu sahədə çoxluq təşkil edir. Övladını təkbaşına böyüdən anaların, habelə uşaqların hüquqlarının müdafiəsinə xüsusi önəm verən Müvəkkil hər bir şikayəti xüsusi nəzarətdə saxlamış və təmin edilməsi üzrə tədbirlər görülmüşdür.
Aliment tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı daxil olmuş 268 müraciət üzrə aparılmış araşdırmalar nəticəsində bir çox hallarda aliment üzrə borcların ödənilməsi təmin edilmişdir. Alimentin ödənilməsi üzrə müraciətlərin araşdırılması prosesində tələbin təmin edilməsi məqsədilə həmin tələb borclunun əmək haqqına yönəldilmiş və icra edilmişdir.
Təhlillər göstərmişdir ki, aliment tələbinə dair məhkəmə qərarlarının icrası bir sıra səbəblərdən təmin edilmir, nəticədə isə uşağını təkbaşına böyüdən tənha ana maddi-mənəvi çətinliklərlə üzləşir.
Tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin aşkar edilməməsi, borclunun heç bir yerdə rəsmi işləməməsi, məcburi və ya ümumi səbəbdən ağır xəstəliklə əlaqədar müalicədə olması, cəzaçəkmə müəssisəsində cəza çəkməsi, faktiki yaşayış yerinin müəyyən edilə bilməməsi və ya tapılmaması, yaxud da ölkə hüdudlarından kənarda olması, həmçinin borclunun axtarılması üzrə tədbirlərin nəticə verməməsi Aliment tələbi üzrə məhkəmə qərarlarının icra edilməsində çətinliklər törədir.
Müvəkkilin bir sıra şikayətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciətindən sonra bəzi məhkəmə qərarları üzrə borclular barəsində məcburi tədbirlər görülmüş, o cümlədən borclu barədə axtarış haqqında qərar qəbul edilmiş, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və ya inzibati qaydada həbs edilmişdir.
Boşanmaların sayının artmasını, buna məruz qalan anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq, Müvəkkil dəfələrlə «Aliment Fondu»nun yaradılmasını təklif etmişdır. Müvəkkil bu məqsədlə alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə müvafiq mərkəzi icra hakimiyyəti orqanı (və ya dövlət büdcəsindən maliyyələşdirilən «Aliment Fondu») tərəfindən ödənilməsi mexanizminin yaradılmasını və tətbiq edilməsini zəruri hesab etmişdir. Müvəkkilin bu təklifinin reallaşdırılması nəticəsində aliment tələbinə dair çoxsaylı məhkəmə qərarları təmin edilməklə problem birdəfəlik həll oluna bilər.
Məhkəmə qərarlarının müvafiq borclu dövlət qurumları tərəfindən icra edilməməsi və ya icrasının gecikdirilməsi, icra məmurları tərəfindən vətəndaşlara qarşı kobud hərəkətlərə yol verilməsi halları da haqlı narazılıqlara səbəb olmuşdur.
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi ilə bağlı ölkə Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanının tələbləri rəhbər tutularaq, icra məmurlarının fəaliyyətinə nəzarət, korrupsiya, süründürməçilik, qeyri-etik davranış və digər neqativ halların qarşısının alınması istiqamətində tədbirlər gücləndirilməli, qanunun tələblərini pozan məmurlara qarşı ən ciddi intizam tədbirləri tətbiq edilməlidir.

Daxili işlər orqanları ilə əməkdaşlıq. Milli Fəaliyyət Proqramının respublikamızın regionlarında təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ölkənin hər bir şəhər və rayonunda Müvəkkil tərəfindən keçirilən ictimai dinləmələr zamanı rayon (şəhər) polis şöbələrinin (idarələrinin) rəhbərliyi və şəxsi heyəti ilə görüşlər keçirilmiş, hüquqi maarifləndirmə işi aparılmış, bu sahədə Polis Akademiyası ilə əməkdaşlıq davam etdirilmişdir.
2013-cü ildə polis orqanları ilə bağlı 1.840 müraciət daxil olmuşdur. Həmin müraciətlər əsasən polis idarə və şöbələrinin təhqiqat və istintaq bölmələrində ibtidai araşdırmanın qeyri-obyektiv aparılması, müraciət hüququnun pozulması, polis əməkdaşlarının vətəndaşlarla münasibətdə kobud rəftara yol verməsi ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlər üzrə daxili işlər orqanlarına ümumilikdə 521, o cümlədən Daxili İşlər Nazirliyinə və onun baş idarələrinə 347, onun tabeli və yerli orqanlarına 174 sorğu göndərilmiş, müvafiq yoxlama tapşırıqları verilmiş, araşdırmalar aparılmışdır.
Bu müraciətlərin araşdırılması prosesində bir sıra hallarda polis orqanlarının müvafiq vəzifəli və səlahiyyətli şəxsləri tərəfindən əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarların qəbul edilməsi kimi hallar müəyyən edilmişdir.
Müraciətlərdə polis orqanlarına müraciətlərin tam araşdırılmaması, qeyri-obyektivliyə yol verilməsi ilə bağlı halların yoxlanılması məqsədilə Müvəkkilin prokurorluq orqanlarına müraciətindən sonra aparılmış araşdırmalar zamanı bir sıra hallarda vətəndaşların şikayətləri üzrə toplanmış materialın tam, hərtərəfli və obyektiv araşdırılmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsassız qəbul edildiyi müəyyən edilmiş, müvafiq prokurorluq tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün polis orqanına göndərilmişdir.
Müvəkkilin həyata keçirdiyi yoxlamalar zamanı vətəndaşın eyni şikayəti ilə bağlı toplanmış təhqiqat materialı üzrə bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi müəyyən edilmişdir.
Təhqiqatçı və müstəntiq tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan qəbul edilmiş əsassız qərarlar vətəndaşların yuxarı orqanlara şikayətlərinə və süründürməçilik hallarına səbəb olmuş, bununla da fakta görə cinayət işi vaxtında başlanılmamışdır.
Müvəkkilin prokurorluğa müraciətindən sonra material öyrənilmiş, toplanılmış material istintaq orqanına göndərilmiş və cinayət işi başlanılmışdır. Həmçinin şikayətlərdə göstərilmiş halların yoxlanılması məqsədilə Müvəkkilin prokurorluq orqanlarına müraciəti zamanı cinayət işi üzrə qəbul edilmiş qərarın əsaslılığı öyrənilərkən bəzən əlavə istintaq zamanı müstəntiq tərəfindən iş üzrə qəbul edilmiş müvafiq qərarda olan göstərişlərin tam icra olunmadığı müəyyən edildiyindən işin icraatına xitam verilməsi barədə müvafiq qərar ləğv olunaraq cinayət işi əlavə istintaq aparılması üçün istintaq orqanına qaytarılmışdır. Lakin araşdırmanın hərtərəfli, tam və obyektiv aparılmasını təmin etməyən tədqiqatçı və ya müstəntiqlər bu nöqsanlara görə bir çox hallarda intizam məsuliyyətinə cəlb olunmurlar.
Bəzən təhqiqat orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq, vətəndaşın ərizəsi üzrə müvafiq qərar qəbul edilməsi əvəzinə, həmin ərizə “işə alınmış”, nəticədə vətəndaşın hüquqları və qanunun tələbləri pozulmuşdur. Bununla yanaşı, müraciətlərin yoxlanılması məqsədilə göndərildiyi prokuror da bəzən qanunvericiliyin pozulmasına diqqətsiz yanaşmış, vətəndaşın şikayətinin qanunla müəyyən edilmiş qaydada araşdırılması əvəzinə, təhqiqatçının “işə alma” qərarını mübahisələndirməmişdir.

Yol hərəkəti qaydalarına və hərəkətin təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, habelə vətəndaşların, o cümlədən sürücülərin təhlükəsiz və sərbəst hərəkətini təmin etmək polisin, xüsusilə dövlət yol polisinin əsas vəzifələrindəndir.
Ötən il dövlət yol polisinin əməkdaşları ilə bağlı daxil olmuş 134 müraciətdə bəzi əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar halları, onlara qarşı qeyri-etik münasibət, qanun pozuntularına yol verilməsi, pozuntunun sənədləşdirilməməsi, rüşvət halları öz əksini tapmış və Müvəkkil tərəfindən bu müraciətlər üzrə müvafiq tədbirlər görülmüşdür.
Qeyd edilən müraciətlərin təhlili bu sahədə mövcud olan bir sıra ciddi problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.
Müvəkkilin müraciətinə əsasən aparılmış araşdırmalar zamanı qanun pozuntularına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməyən, o cümlədən "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin tələblərini pozmuş, vətəndaşlara hörmətsizlik nümayiş etdirmiş, xidməti səlahiyyətlərini aşmış polis əməkdaşlarına, o cümlədən sürücülərlə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən əməkdaşlara qarşı intizam cəzaları da tətbiq edilmiş, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülmüşdür.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Müvəkkil tərəfindən həmin nazirliyə göndərilmiş 203 müraciətin araşdırılması nəticəsində təsdiq olunmuş faktlar üzrə vətəndaşlara qarşı qəbahətlərə yol verdiklərinə, kobud rəftara, polisə əsassız gətirməyə, qanunda nəzərdə tutulmuş müddətdən artıq polisdə saxlamaya və istintaq orqanına vaxtında təhvil verməməyə görə 25 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 4 əməkdaş daxili işlər orqanlarından xaric edilmiş, 4-ü tutduğu vəzifədən azad olunmuş, 17-si barədə isə digər intizam tənbehi tətbiq edilmişdir.
Rəsmi məlumata əsasən, ötən il insan hüquq və azadlıqlarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş və təsdiq olunmuş 252 fakt üzrə 341 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir (onlardan 8-i əsassız cinayət məsuliyyətinə cəlb etmə, 118-i vətəndaşlarla kobud rəftar, 63-ü polisə əsassız gətirmə və saxlama, 43-ü sürücülərin hüquqlarının pozulması, 5-i əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 15-i isə digər faktlar) Onlardan 33 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 21 əməkdaş tutduğu vəzifədən azad edilmiş, 287 əməkdaş barəsində isə digər intizam tədbirləri görülmüşdür.
Bu halların qarşısının alınması üçün preventiv vasitə kimi, xidməti işin aparılmasında nöqsanlara yol verən polis əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı hər bir əmrin bütün tabeli qurumların (idarələrin, şöbələrin, bölmələrin, müvəqqəti saxlanılma yerlərinin) şəxsi heyətinin diqqətinə çatdırılmasının və ictimailəşdirilməsinin profilaktik əhəmiyyəti olardı.
Polis əməkdaşları tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi işinin gücləndirilməsi məqsədi ilə bu orqanlarda xidmət edən şəxsi heyət tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud milli və beynəlxalq qanunvericilik aktları daim öyrənilməli, habelə saflığı təmin etmək, polisin şərəfli adını qorumaq, vətəndaşlarla sağlam münasibətləri daha da inkişaf etdirmək məqsədilə polis orqanları ilə birgə maarifləndirmə işləri davam etdirilməlidir.
Ölkəmizdə sabitliyə nail olunmasında və ictimai asayişin təmin edilməsində mühüm rola malik olan daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, kriminogen durumun nəzarətdə saxlanılması üçün öz üzərlərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək, vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi, işgəncə, zorakılıq, kobud rəftar hallarına yol vermədən, öz fəaliyyətini peşəkarcasına, digər hüquq-mühafizə orqanları ilə əlaqədə, yüksək sayıqlıqla və böyükməsuliyyətlə davam etdirməkdədir.


1.2.  İqtisadi və sosial hüquqların müdafiəsi

Əmək hüquqlarının müdafiəsi. Əmək hüquqlarının pozulması ilə bağlı məsələlər sırasında əmək haqqının və son haqq-hesabın ödənilməməsi, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməsindən imtina, əmək müqaviləsinin bağlanılmaması və ya ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi, ezamiyyət üzrə ödəmələrin aparılmaması, işdən azad edilərkən əmək kitabçasının və əmrin surətinin verilməməsi kimi hallar müşahidə olunmuşdur.
Əmək hüquqları ilə bağlı 2013-cü ildə 709 müraciət daxil olmuşdur. Müvəkkilin həyata keçirdiyi tədbirlər, o cümlədən aparılmış araşdırmalar nəticəsində bir sıra hallarda işçilərin pozulmuş hüquqları bərpa olunmuşdur.
Müvəkkilin ünvanına daxil olmuş şikayətlərin təhlili göstərmişdir ki, əmək hüquqlarının pozulması sırasında əmək haqqının verilməməsi və ya ödənilməsinin gecikdirilməsi, əmək müqaviləsi bağlanılmadan işə cəlb etmə, uzunmüddətli ödənişsiz məzuniyyətə göndərilmə və işdən azadetmə halları xüsusi yer tutur.
İşəgötürənlər tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş zəruri əmək şəraitinin yaradılması sahəsində də problemlər vardır.
Qeyd edilməlidir ki, əmək qanunvericiliyinin tələblərinin pozulması, o cümlədən əmək haqqının verilməməsi halları ilə bağlı şikayətlər əsasən özəl müəssisələrlə bağlı olmuşdur.
İşdən azadetmə ilə bağlı hüquq pozuntuları sırasında işçilərin öz iş yerini itirməməsi naminə işəgötürənlər tərəfindən əmək qanunvericiliyi ilə malik olduqları bir sıra digər hüquqlardan məhrum edilmələrinə göz yummaq, düşdükləri durumla razılaşmaq məcburiyyətində qaldığı hallar da olmuşdur.
İşçinin hüquqlarının pozulmasının ən ağır halı onun əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işdən azad edilməsidir. Ötən dövrdə belə şikayətlər əsasən işçilərin sayının və ya ştatların ixtisarı ilə izah olunmuşdur. Təbii ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə bu qaydada son verilməsi qanuni olsa da, bu zaman qanunun tələblərinə ciddi əməl edilməlidir. 
İşə bərpa olunmaqda köməklik edilməsi ilə bağlı daxil olmuş müraciətlər üzrə aparılmış araşdırmalar zamanı da vətəndaşların pozulmuş əmək hüquqlarının bərpa edilməsinə, bir qayda olaraq, nail olunmuşdur.
Əmək müqaviləsinə xitam verildiyi hallarda işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə yanaşı, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin (sərəncamının, qərarının) surəti və işçinin əmək kitabçası sonuncu iş günü işçiyə verilməlidir. Müvəkkilin səlahiyyətli qurumlara müraciətindən, habelə aidiyyəti üzrə araşdırmalardan sonra əmək hüquqlarının pozulması ilə bağlı belə şikayətlər təmin edilməklə bir çox hallarda vətəndaşların hüquqları müdafiə olunmuşdur.

Sosial təminat hüququ. 2013-cü ildə Müvəkkilin ünvanına sosial təminat hüququ ilə bağlı daxil olmuş 1.118, o cümlədən pensiya təminatı ilə bağlı 234, ünvanlı dövlət sosial yardımı ilə bağlı 542 müraciətin araşdırılması və təmin edilməsi istiqamətində tədbirlər görülmüş, bir çox hallarda bu sahədə aşkar edilmiş nöqsanlar aradan qaldırılmış və pozulmuş hüquqlar bərpa edilmişdir.
Bəzi şikayətlərdə təyin olunmuş pensiyanın düzgün hesablanmaması, o cümlədən pensiya hesablanarkən iş stajının müəyyən dövrünün nəzərə alınmaması, əmək pensiyasına əlavələrin hesablanmaması kimi hallar göstərilmişdir ki, Müvəkkilin aidiyyəti üzrə müdaxiləsindən sonra məsələ öz həllini tapmışdır.
 Müvəkkilin aidiyyəti üzrə müraciətlərindən sonra pensiya üzrə vətəndaşlara olan qalıq borc hesablanaraq ödənilməsi təmin edilmişdir.
Şikayətlərin araşdırılması prosesində Müvəkkilin aidiyyəti üzrə müraciətləri ilə bağlı aparılmış araşdırmalardan sonra vətəndaşların sosial təminat hüququ sahəsində digər problemləri də öz həllini tapmış, pozulmuş hüquqlar bərpa edilmişdir. Qeyd edilməlidir ki, pensiyaların hesablanması qaydaları ilə bağlı geniş maarifləndirmə tədbirləri, kütləvi informasiya vasitələri ilə əhalinin məlumatlandırılması belə şikayətlərin qarşısını almış olardı.

Ünvanlı dövlət sosial yardımı. Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı Müvəkkilin ünvanına 542 müraciət daxil olmuşdur. Əhalinin sosial müdafiəsi mərkəzlərinin müvafiq vəzifəli şəxsləri tərəfindən bir sıra hallarda ailəyə təyin edilən müavinətin müəyyən məbləğinin mənimsənilməsi, müvafiq yerli bölmələr tərəfindən süründürməçiliyə yol verilməsi, sənədlərin qəbul edilməməsi, yardımın təyin edilməsi haqqında məlumatın vətəndaşlara bildirilməməsi, vəsaitin köçürüldüyü plastik kartın vaxtında verilməməsi müraciətlərdə öz əksini tapmışdır.
Müraciətlərin təhlili göstərir ki, mövcud sahədə vaxtilə bir çox nöqsanlara yol verilmiş, müraciətlərin araşdırılması zamanı narahatlıq yaradan çatışmazlıqlar müəyyən edilmişdir.
Qeyd edilən müraciətlərlə yanaşı, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə aidiyyəti orqanlara müraciətlərin nəticəsiz qalması ilə bağlı şikayətlər üzrə araşdırmalar aparılmış və onların ailələrinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada bir il müddətinə ünvanlı sosial yardımın təyin olunması təmin edilmişdir.
Məlumatlara əsasən, ölkədə 615.516 nəfər ailə üzvünü əhatə edən 140.711 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 126,88 manat,  hər ailə üzvü üçün 29,01 manat təşkil etmişdir.
Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-cı ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq cari ilin əvvəlindən 100 manata çatdırılmışdır.
Müvafiq yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi hər növbəti il üçün təsdiq edilərkən ondan əvvəlki 3 ay ərzində ailədə adambaşına düşən gəlirin artıq olması səbəbilə imtina verilmiş ərizələrə yeni həddə uyğun təkrar baxılması məqsədəuyğundur.
Əhalinin aztəminatlı hissəsinin böyük əksəriyyətinin ünvanlı sosial yardımdan yararlanması məqsədi ilə müvafiq tədbirlərin görülməsi, o cümlədən qanunvericiliyə yenidən baxılması zəruridir.
Vətəndaşların ünvanlı yardımın təyin edilməsi ilə bağlı müraciətlərinə rayon və kəndlər üzrə müəyyən edilmiş vəsait limitinin bitməsi səbəbindən təyinatın mümkün olmaması ilə bağlı müvafiq yerli şöbələr tərəfindən verilmiş şifahi cavablar da şikayətlərə səbəb olmuşdur.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsini və verilməsini həyata keçirən əhalinin sosial müdafiəsi mərkəzlərinin vəzifəli şəxslərinin və əməkdaşlarının bundan əvvəl yol verdikləri qanun pozuntuları nəzərə alınaraq, həmin struktur bölmələrinin və müvafiq əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi zəruridir.
Yerli strukturların fəaliyyətinə ciddi nəzarət sisteminin tətbiq edilməsi, vətəndaşların haqlı narazılıqlarına və mərkəzi dövlət qurumlarına şikayətlərinə səbəb olan məmurların cəzalandırılması üzrə tədbirlərin həyata keçirilməsi, yol verilmiş qanun pozuntularının və nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlərin görülməsi məqsədəmüvafiqdir.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi tərəfindən qeyri-etik hərəkətlərə yol vermiş 145 dövlət qulluqçusu barəsində müvafiq intizam tənbehi tədbirləri görülmüşdür.
Müvəkkilin təklifləri nəzərə alınaraq, ötən dövrdə qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində ünvanlı yardımın təyin edilməsi qaydaları təkmilləşmiş, həmçinin əvvəlki illik məruzələrdə qaydalara yenidən baxılması və təyinat prosesinin mexanizminin sadələşdirilməsi təklif edilmişdir.
Məlumatlara görə, müvafiq nazirlik tərəfindən ünvanlı sosial yardımın yeni mexanizm üzrə tətbiq olunması üzərində işlərə başlanılmış, nəzərdə tutulmuş islahatlar nəticəsində sənədlərin toplanması zamanı süründürməçiliyin qarşısı alınacaq, şəxsin ailə tərkibi, aylıq gəliri, əmlakı barədə və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməsinə ehtiyac qalmayacaq, ünvanlı sosial yardımın təyin olunması mərkəzləşdirilmiş qaydada və elektron şəkildə həyata keçiriləcəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi göstərilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində başladığı sərt islahat tədbirləri ilə ünvanlı sosial yardımın təyin və təmin olunmasında həm qanunvericilik, həm də icra mexanizmlərinin işlənib hazırlanması və tətbiqi nəticəsində ciddi dönüş yaradılacaq, bununla da çoxsaylı narazılıqlar aradan qaldırılacaqdır.

Sağlam ətraf mühitdə yaşamaq hüququ. Müvəkkilin ünvanına sağlam ətraf mühitdə yaşamaq hüququnun pozulması ilə bağlı daxil olan müraciətlər digər hüquqlar sırasında azlıq təşkil etsə də, qaldırılmış problemlər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu müraciətlər araşdırılmış, pozulmuş hüquqlar bərpa edilmişdir.
Ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin getdikcə qarşısının alınması, xüsusi qoruq zonalarının inkişaf etdirilməsi üzrə tədbirlərin davam etdirilməli və gücləndirilməlidir.
Təbii fəlakətlər, insan fəaliyyəti nəticəsində yaranan texnogen hadisələrin aradan qaldırılması məqsədilə preventiv tədbirlərin görülməsi, əhali arasında hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsi, hüquq mədəniyyətinin təbliği üzrə maarifləndirmə işləri gücləndirilməlidir.
Vətəndaşların sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli təmin edilməsi məqsədilə müxtəlif vaxtlarda səlahiyyətli qurumlara təkliflər göndərilmişdir.
Müvəkkil təbii sərvətlərdən istifadə zamanı qanunvericiliyə ciddi əməl edilməsini zəruri hesab edərək, torpaqların və daş karxanalarının istismarına nəzarətin gücləndirilməsini təklif etmişdir.
Ölkənin regionlarında ağac emalı və mebel sənayesi üçün qiymətli, habelə məişət tələbatı üçün müxtəlif nadir növlərdən olan ağacların qırılması nəticəsində meşə zolaqlarının məhv edilməsinin qarşısının alınması üzrə ciddi tədbirlərin həyata keçirilməsi zəruridir. Bu zaman müvafiq cərimələrin məbləğlərinin artırılması və vurulmuş ziyana uyğun müəyyən edilməsi zəruridir.
Məlum olduğu kimi, ildən ilə ölkədə avtomobillərin sayı daha sürətlə artmaqdadır. Benzin və dizel mühərriklərlə çalışan avtomobillərdən yanma prosesi məhsullarının atmosferə tullanması da artmaqdadır. Bu da ətraf mühitin çirklənməsinə və ekoloji problemlərin baş verməsinə səbəb olur.
Odur ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanının 3.2-ci bəndinə müvafiq olaraq, "Ətraf mühitin mühafizəsi və ekoloji problemlərlə mübarizə" tədbirləri çərçivəsində ölkəyə elektromobillərin və hibrid mühərriklərlə təchiz olunmuş avtomobillərin idxal edilməsinin stimullaşdırılması məqsədi ilə bu nəqliyyat vasitələrinə gömrük və digər güzəştlərin tətbiq olunması məqsədəmüvafiqdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən korrupsiya hallarının qarşısının alınması və buna səbəb olan şəraitin aradan qaldırılması üçün 2013-cü ildə həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində ümumilikdə 166 nəfər cavabdeh vəzifəli şəxs barəsində intizam tənbeh tədbirləri görülmüş, onlardan 66 nəfəri işdən çıxarılmış, 56 nəfərə töhmət, 44 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
Müvəkkil aparatının və Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində şagirdlər üçün keçirilmiş açıq dərsdə uşaq və gənclərə ekoloji hüquqlar barədə ətraflı məlumat vermişlər.
Müvəkkil 2014-cü ilin may-noyabr aylarında Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsində sədrliyi dövründə bir sıra sahələrin, o cümlədən sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli təmin olunması baxımından ekoloji problemlərin operativ həlli və Avropa ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək məqsədilə “Yaşıl Avropa naminə” hərəkatının formalaşması və Avropa İnsan Hüquqları Konvensiyasına sağlam ətraf mühitdə yaşamaq hüququnu özündə ehtiva edən əlavə protokolun qəbul edilməsinin də nəzərə alınması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir.

Sağlamlığın qorunması hüququ. Son on ildə ölkənin bütün regionlarının həyatında köklü dəyişikliklər baş vermiş, bir sıra sosial əhəmiyyətli problemlərin aradan qaldırılması, o cümlədən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün yeni imkanlar yaranmışdır. Əhalinin keyfiyyətcə yüksələn yaşayış səviyyəsi və həyat tərzinin tələblərinə uyğun olaraq, müasir avadanlıqla təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilmiş, bütövlükdə səhiyyə sahəsinin maddi-texniki bazası əsaslı surətdə möhkəmləndirilmişdir.
Ötən il səhiyyənin inkişafı üzrə proqramların icrası məqsədilə 80,1 miyon manat vəsait sərf olunmuş, 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmış, onların bir çoxunda işlər başa çatdırılmış və istifadəyə verilmişdir. Bununla yanaşı, həmin müəssisələrdə kadr tələbatının ödənilməsi üzrə tədbirlər də görülməlidir.
Ötən dövrdə Müvəkkilin ünvanına sağlamlığın qorunması hüququ ilə bağlı 587 müraciət daxil olmuşdur.
Müraciətlərdə əsasən, müalicə və müayinənin dövlət hesabına həyata keçirilməsi, dərman preparatlarının verilməsi kimi məsələlər əksini tapsa da, sağlamlıq hüququnun qorunmasının digər aspektləri ilə bağlı problemlər də olmuşdur. Müraciətlər üzrə araşdırmalar aparılmış, nəticədə bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
Müvəkkilin müayinə və müalicə olunmasında  köməklik göstərilməsinə dair vətəndaşlardan daxil olan ərizələrlə bağlı Səhiyyə Nazirliyinə müraciətindən sonra həmin xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsi məqsədilə aidiyyəti səhiyyə müəssisələrinə vaxtında müvafiq tapşırıqlar verilmişdir.
Müraciətlərdə imtiyazlı qruplardan, habelə qayğıya daha çox ehtiyacı olan, müvafiq xəstəlikdən əziyyət çəkən və dispanser qeydiyyatında olan şəxslərin dərman preparatları ilə təmin olunmasındakı bəzi problemlər də öz əksini tapmışdır.
Xəstələrin bir sıra hallarda onların dərmanlarla vaxtında təmin edilməməsi, xüsusilə müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması dövlət hesabına dərman preparatları ilə təmin edilmək hüququna malik olan və dispanser qeydiyyatına alınmış xəstə vətəndaşları narahat edən və qeyd olunan problemlər sırasında diqqəti daha çox cəlb edən məsələlərdir.
Təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmiş QİÇS, hepatit “C” və “B” virusuna yoluxmuş xəstələrin də dövlət hesabına dərman preparatları ilə təmin olunması zamanı müvafiq siyahının genişləndirilməsi zəruridir.
Hemodializə ehtiyacı olan şəxslər mərkəzi komissiyadan keçdikdən sonra regionlarda hemodializ avadanlığı olan, lakin yaşayış yerindən uzaq məsafədə, başqa rayonların sakinləri üçün əlçatan olmayan tibb mərkəzlərinə göndərilirlər. Belə xəstələrin hemodializdən dərhal sonra qidalanmasına ehtiyac olduğunu, bəzi hallarda məsafənin uzaq olması səbəbindən özləri ilə yemək gətirə bilmədiklərini və ya aztəminatlı olmaları da nəzərə alınaraq, onların prosedurdan sonra dövlət hesabına birdəfəlik yeməklə təmin olunması zəruridir. Bölgələrdə hemodializ aparatının rayonlararası münasib ərazidə yerləşdirilməsi məqsədəmüvafiqdir. Eyni zamanda xəstələr bu prosedurların dövlət hesabına keçirilməsi ilə bağlı məlumatlandırılmalıdırlar.
Yeri gəlmişkən, Səhiyyə Nazirliyi tərəfindən hemodializ müalicəsinə ehtiyacı olan və bu müalicəni alan xəstələrin qeydiyyatının qaydaya salınması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi ilə bağlı komissiya da yaradılmışdır. Müvəkkilin müraciətindən sonra ehtiyaclı xəstələr hemodializ seansları ilə təmin olunmuşlar.
Müxtəlif vaxtlarda Müvəkkilin Səhiyyə Nazirliyinə müraciətlərindən sonra bir sıra vətəndaşların müayinə və müalicəsinin təşkili məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına, ürək qüsuru ilə bağlı xəstəlikləri olan şəxslər Elmi Cərrahiyyə Mərkəzinə, gözlərinin dövlət hesabına müalicə və əməliyyat olunmasında köməklik göstərilməsi xahişi ilə müraciət edən vətəndaşlar akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilmiş, onlara müayinə və müalicə xidmətləri göstərilmişdir.
Bir sıra xəstələrlə bağlı sənədlər müvafiq rəy verilməsi üçün Müvəkkilin Səhiyyə Nazirliyinə müraciətlərindən sonra həmin nazirliyin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyası"na və Yüksək ixtisaslı mütəxəssislərdən ibarət xüsusi komissiyaya göndərilmişdir.
Müvəkkil İmişli rayonuna səfəri çərçivəsində buradakı səhiyyə xidmətlərində bir neçə problemli məsələlər qaldırılmış, yoluxucu xəstəliklər üzrə profilaktik peyvəndləmənin vaxtında aparılmaması aşkar edilmişdir.
Qeyd edilməlidir ki, bölgələrdə yerləşən xəstəxana və tibb məntəqələrində müraciət edən şəxslərin qeydiyyatının dəqiq aparılması, mövcud qeydiyyat qaydalarının təkmilləşdirilməsi və bu qaydalara riayət edilməsi, yoluxucu xəstəliklərlə bağlı mütəmadi müayinə və monitorinqlərin keçirilməsi, profilaktik peyvəndlərin vurulması müntəzəm olaraq vaxtında təşkil olunmalı və nəzarət tətbiq edilməlidir.
Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilə kimi 10 xəstəliyə qarşı aparılan peyvəndlərə 2013-cü ilin dekabr ayından pnevmaniya xəstəliyinə qarşı peyvənd də əlavə olunmuşdur. Bununla belə, reginolarda bu sahədə işə nəzarət gücləndirilməlidir.
İnsanların sağlamlığının təmini, onların yaşadığı ərazidə müayinə və müalicə olunması üçün rayon və kəndlərə tibbi kadrların cəlb edilməsi məqsədilə dövlət tərəfindən həyata keçirilən həvəsləndirici tədbirlərin tibb işçiləri, xüsusilə də gənc kadrlar arasında geniş təbliğinə ehtiyac vardır.
Əksər hallarda həyati göstəriş olmadan hamilə qadınlarda qeysəriyyə əməliyyatının aparılması nəticəsində baş verən uşaq və ana ölümlərini, onların əlil olmasını, körpələrin qüsurla doğulmasını nəzərə alaraq, bu əməliyyatın qarşısının alınması üzrə ciddi tədbirlər görülməsi təklif edilmişdir.
Yeri gəlmişkən, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, əməliyyatın qeyri-qanuni aparılmasına görə məsuliyyət müəyyən olunmuş, eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən “Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları” və bu əməliyyatlar üzrə klinik protokol hazırlanmışdır.
Əksər hallarda həkimlər yeni doğulanların və anaların ölüm hallarına görə, demək olar ki, törətdikləri əmələ uyğun məsuliyyətə cəlb edilmirlər. Xüsusilə qeyd edilməlidir ki, ananın ölümü kimi ağır faciəyə səbəb olmuş qeyri-peşəkar həkimə verilmiş istənilən inzibati cəza problemə səthi yanaşmanın bariz nümunəsidir.
Bəzi şikayətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin olduqca baha olması, müalicənin nəticəsiz qalması kimi hallar öz əksini tapmışdır.
Dövlət tibb müəssisələrində bəzi həkimlərin laqeydliyi, tibbi heyətin pasiyentlərə münasibətdə qeyri-etik davranışı, həkimlərin xəstə qarşısında məsuliyyət hissinin olmaması, tibbi göstərişdən asılı olmayaraq, xəstələrin ən müxtəlif laborator və diaqnostik müayinələrə məruz qoyulması, onların qazanc mənbəyinə çevrilməsi, tibbi xidmətin keyfiyyətinin zəruri səviyyədə olmaması da vətəndaşlarda narazılıqlar yaratmışdır.
Yeri gəlmişkən, rəsmi məlumata əsasən Səhiyyə Nazirliyi tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülmüşdür.
Müvəkkil həkim-xəstə münasibətlərinə ciddi yanaşılmasını, xəstələrin, o cümlədən həkim müalicəsindən ziyan çəkən pasiyentlərin hüquqlarının təmin edilməsi üzrə yeni qanunvericilik aktlarının qəbul edilməsini, müalicə prosesində qarşılıqlı vəzifələri müəyyən edən müqaviləli sistemə keçidi zəruri hesab edir. Bu baxımdan, pasiyentlərin hüquqlarının müdafiəsini özündə əks etdirən qanunun Milli Məclis tərəfindən qəbulunun sürətləndirilməsi vacibdir.

Bakıda və regionlarda yerləşən psixiatriya müəssisələrinə davamlı baxışlar keçirən Müvəkkil tərəfindən, eyni zamanda həkimlər üçün ruhi xəstələrə Avropa standartlarına uyğun tibbi xidmət göstərilməsi və rəftarla bağlı təlimlər keçirilmiş, ruhi xəstələrin müdafiəsi, psixiatrik yardımın yaxşılaşması və hospitallaşdırma prinsipləri, xəstəliyin diaqnostikası, cəmiyyətdə yaşamaq, konfidensiallıq, müalicəyə razılıq verilməsi, psixiatrik müəssisələrdə saxlanma şəraiti, məcburi hospitallaşdırma və digər prinsiplər barədə ətraflı məlumat verilmişdir.
Müvəkkil respublikanın baş psixiatrı G.Gəraybəyli ilə birgə psixiatriya müəssisələrinə dəfələrlə baxışlar keçirmiş, tibbi personal və xəstələrlə görüşmüş, həmin müəssisələrdə onların şəraitini, qidalanması və müalicə vəziyyətini öyrənmişdir.
Müvafiq tapşırıq üzrə aparatın əməkdaşları da xəstələrə münasibət, şərait, müalicənin təşkili, qidalanma məsələlərinin araşdırılması məqsədilə Səhiyyə Nazirliyinin 1 saylı Respublika, Kürdəmir Rayonlararası Psixiatriya xəstəxanalarına, Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə, Şağandakı Əqli qüsurlu uşaqlar üçün 3 saylı internat evinə, Buzovnadakı ruhi-əsəb xəstələri üçün 9 saylı internat evinə, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar və ambulator şöbəsinə baxışlar keçirmişlər.
Qeyd edilməlidir ki, Müvəkkilin tövsiyələri də nəzərə alınmaqla, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında xeyli müsbət işlər görülmüş, 20-dək korpus, əsaslı təmir edilərək müasir standartlara cavab verən vəziyyətə gətirilmişdir və bu sahədə işlər davam etdirilməkdədir. Baxışın keçirildiyi müəssisələrdə şərait, qidalanma, tibbi xidmət, xəstələrə qarşı rəftarla bağlı pozuntu müşahidə olunmamışdır. Bununla belə, şərait və qeydiyyatla bağlı Səhiyyə Nazirliyinə bir sıra tövsiyələr göndərilmişdir.
Müvəkkil Şəki və Qazax, habelə Salyan rayonundakı Şorsulu Rayonlararası Psixiatriya xəstəxanalarında da olmuş, bu xəstəxanaların yaşayış evlərinin arasında uyğunlaşdırılmış binada yerləşməsi, korpusların pis vəziyyətdə olması, saxlanma şəraitinin müvafiq qaydalara uyğun olmaması, sanitariya qaydalarına riayət olunmaması və digər bu kimi problemləri müşahidə etmişdir. 
Baxışlar zamanı müxtəlif psixonevroloji müəssisələrdə xəstələrin qidalanması məsələsində fərqli vəsaitin ayrılması diqqəti xüsusilə cəlb etmişdir. Qeyd edilənləri nəzərə alaraq, hər bir xəstə üçün orta sutkalıq ərzaq normasına ayrılan vəsaitin məbləğinin mövcud normativə uyğunlaşdırılması məqsədilə Müvəkkilin Milli Məclisdə 2014-cü ilin Dövlət büdcəsi layihəsinin müzakirələri zamanı təklifindən, habelə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən sonra 2014-cü il 1 yanvar tarixindən hər bir xəstə üçün orta sutkalıq ərzaq normasına ayrılan vəsaitin məbləği xeyli artırılmış və 5 manat müəyyən edilmişdir.
Müvafiq psixonevroloji müəssisələrdə psixoloqların olmaması və ya çatışmaması, habelə psixoterapevtlərin, hüquqşünasların, sosial işçilərin olmaması, əməklə reablitasiya tədbirlərindən istifadə edilməməsi həmin xəstələrin bərpa olunmasında və cəmiyyətə inteqrasiyasında bir çox problemlər yaradır.
Psixiatriya xəstəxanalarında (ruhi-əsəb dispanserlərində) tibb personalına verilən əmək haqqının məbləğinin az olması tibbi yardımın səviyyəsinə öz mənfi təsirini göstərir. Həkimlərin hər birinə düşən xəstələrin sayının həddən artıq olması bu sahədə tibbi yardımın səviyyəsini azaldır. Orta tibb personalının və sanitarların çatışmazlığı da diqqəti cəlb edir. Bu sahədə ixtisaslaşmış kardların hazırlanması xüsusi diqqət tələb edir.
Müvəkkil ruhi-əsəb xəstəxanalarındakı vəziyyətin müstəqil qaydada dərindən öyrənilməsinin və ehtiyacı olanlara psixiatriya yardımı üzrə təxirəsalınmaz tədbirlərin dövlət proqramı şəklində hazırlanaraq həyata keçirilməsini, habelə respublika üzrə bütün psixonevroloji müəssisələrin Səhiyyə Nazirliyinin birbaşa tabeliyinə verilməsini zəruri hesab edir.

Təhsil hüququ. Ötən il təhsil hüququ ilə bağlı 150 müraciət daxil olmuş, səlahiyyətlər çərçivəsində hər bir şikayət üzrə araşdırma aparılmış, zəruri hallarda monitorinqlər həyata keçirilmiş, bir sıra problemlər təhlil edilmişdir.
Məktəbəqədər təhsil müəssisələrindəki vəziyyət, habelə məktəblərdə təlim-tərbiyənin və tədrisin təşkili, eyni zamanda ali və orta ixtisas təhsili sahəsində məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlarla, xüsusilə də Təhsil Nazirliyi ilə əməkdaşlıqda araşdırılmış, bir çox aşkar edilmiş nöqsan və çatışmazlıqlar aradan qaldırılmışdır.
Ölkəmizdə məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı, sağlamlığı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla belə, hələ də məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4%, kəndlərdə 8,7%, ölkə üzrə isə 16,5% təşkil edir.
Məktəbəqədər təhsil müəssisələrinin narahatlıq doğuran problemlərindən biri onların müvafiq hissəsinin maddi-texniki bazasının zəif olmasıdır. Ölkənin bir çox belə müəssisəsində məcburi köçkün ailələrinin məskunlaşması, bir sıra uşaq bağçalarında müxtəlif təşkilatların yerləşdirilməsi, kadr hazırlığının, bununla yanaşı, əmək haqqının qənaətbəxş səviyyədə olmaması da qeyd edilən sahənin əsaslı problemlərindəndir.
Məktəbə hazırlıq üçün dövlət büdcəsindən maliyyələşən məktəbəqədər müəssisələrin (bağçaların) və oradakı uşaq yerlərinin sayı bu yaşlarda olan uşaqların sayından olduqca azdır. Bu, habelə müasir metodologiyaya yiyələnmiş ixtisaslı tərbiyəçilərin yetərincə olmaması mövcud sahədə həlli çətin problemlər yaradır.
Əvvəlki illərdə ölkənin bir sıra yaşayış məntəqələrində olan məktəbəqədər təhsil müəssisələri fəaliyyətini dayandırmış, fəaliyyətdə olan uşaq bağçalarının çoxunun isə əsaslı təmirə, müasir avadanlığa və əyani vəsaitlərə ehtiyacı vardır.
Mövcud vəziyyətdə uşaq bağçalarının, körpələr və uşaq evlərinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması zəruridir.
Qeyd edilməlidir ki, orta təhsilin inkişafı istiqamətində atılmış əhəmiyyətli addımlarla yanaşı, müxtəlif çatışmazlıqlar qalmaqdadır.
Bir sıra orta məktəblərdə tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri qanunla müəyyən edilmiş qaydada icra etməməsi haqlı narazılıqlara və vətəndaşların şikayətlərinə səbəb olmuşdur. Müvafiq şikayətlər üzrə aparılmış yoxlamalar nəticəsində təqsirkar tədris işçiləri Təhsil Nazirliyi tərəfindən cəzalandırılmışlar.
Tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət hesabına pulsuz verilsə də, köməkçi tədris vəsaitləri valideynlərin şəxsi hesabına əldə edilir ki, bu da aztəminatlı, çoxuşaqlı ailələrdə narazılıqların yaranmasına səbəb olur. Digər tərəfdən, növbəti tədris ili üçün nəzərdə tutularaq nəşr edilmiş dərsliklərin sayı şagirdlərin sayından azdır. Odur ki, tədris proqramlarının tələbinə müvafiq olaraq, dərsliklərin və köməkçi vəsaitlərin şagirdlərə dövlət hesabına verilməsi zəruridir.
Genişmiqyaslı təmir-tikinti işlərinin aparılması ilə yanaşı, respublikanın kənd rayonlarında olan bir sıra məktəb binaları hələ də tədris prosesi üçün yararsız, bəziləri isə hətta qəza vəziyyətindədir.
Bəzi yaşayış məntəqələrində əhalinin az olması əsas götürülməklə ucqar kəndlərdə məktəblərin açılmaması və ya fəaliyyətdə olan məktəblərin bağlanması, yaxud da digərləri ilə birləşdirilməsi zamanı real vəziyyət ciddi olaraq təhlil edilməli, yeniyetmələrin, xüsusilə qızların təhsildən kənarda qalmasına şərait yaradan hallara yol verilməməlidir. Hətta yeni məktəblərin açılması mümkün olmadıqda və ya fəaliyyətdə olan məktəblər bağlanıldığı halda belə şagirdlərin yaxınlıqdakı məktəblərə bir neçə yaxın kənddən daşınmasının təşkili məqsədilə nəqliyyat vasitəsinin nəzərdə tutulmasına ehtiyac vardır.
Müvəkkil rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) və məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin balansına qaytarılmasını zəruri hesab edir.
İnternat evlərində uşaqların təhsili və sosial müdafiəsi məsələləri də diqqətdə olmuşdur. Belə müəssisələrdə  tərbiyə alan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, müvafiq yaş həddinə çatdıqda oranı tərk edən uşaqların təhsilinin davam etdirilməsinə, yaşayış və iş yeri ilə təmin edilməsinə yönəlmiş məqsədli dövlət proqramının qəbul edilməsi zəruridir.
Avropa ölkələrində bərqərar olan və ölkəmizin də qoşulduğu Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin ali təhsil müəssisələrimizdə davamlı tətbiqi, təhsilin bu sisteminə inteqrasiya prosesinin sürətləndirilməsi məqsədəmüvafiqdir.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsilə görə haqqın məbləğinin əhalinin, o cümlədən qayğıya daha çox ehtiyacı olan aztəminatlı təbəqələrin real durumu nəzərə alınmaqla aşağı salınması təhsilin inkişafına əhəmiyyətli təsir edə bilər.
İmtahanların müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə edilməklə test üsulu ilə keçirilməsi və biliyin qiymətləndirilməsində insan amilindən imtina edilməsi təhsil prosesində saflaşmanın təmin olunmasına və tələbələrdə məsuliyyət hissinin artmasına şərait yaradır.
Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan və təhsil alan, lakin müvafiq yataqxanalarda yerlə təmin edilməyən, mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə kəskin ehtiyacı olan tələbələrə aylıq müavinətin müəyyən edilməsinə ehtiyac vardır.
Ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II qrup əlillərin təhsil haqqından azad edilməsi də məqsədəmüvafiqdir.
Elm sahəsində ahıl alimlər nəslinin varisliyinin təmin edilməsi yolu ilə gənc alimlərin yetişdirilməsi, elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılması, elmi kadrların sosial müdafiəsinin gücləndirilməsi, elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi məqsədilə mövcud sahənin yetərli səviyyədə maliyyələşdirilməsinə böyük ehtiyac vardır.

Mənzil hüququ. Ötən il bu hüquqla bağlı 1.084 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə, əsasən, mənzillə təmin olunma, mənzil növbəsinin bərpası, qəzalı vəziyyətdə olan mənzilin təmiri və ya əvəzinə yeni mənzil verilməsi, təbii fəlakətin evlərə vurduğu ziyanın aradan qaldırılması, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması kimi hallar öz əksini tapmışdır.
Mənzil hüququnun pozulması ilə bağlı bir sıra müraciətlər Müvəkkilin müdaxiləsindən sonra öz həllini tapmış, bəzi şəxslər bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ilə təmin edilmiş, evləri yararsız vəziyyətə düşmüş vətəndaşların vəziyyətinə xüsusi həssaslıqla yanaşılmışdır.
Son illərdə mövcud sahədə ən əlverişli üsullardan biri kimi vətəndaşlara ipoteka kreditlərinin verilməsi olmuşdur. Müvəkkil illik məruzələrində ipoteka kreditlərinin əhaliyə əlçatan olması ilə bağlı təkliflər irəli sürmüşdür.
Məlumatlara əsasən, İpoteka Fondunun xətti ilə 2006-2013-cü illərdə verilən ipoteka kreditləri hesabına 13.300-dən çox ailə yaşayış şəraitini yaxşılaşdırmaq imkanı əldə etsə də, bu, hələ də qənaətbəxş deyildir.
Mənzil bazarındakı  qiymətlər mənzilə ehtiyacı olan əhalinin çoxunun imkanlarına uyğun deyil, aztəminatlı ailələr isə ümumiyyətlə bu imkanlardan məhrumdur. Odur ki, güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğun artırılması, vətəndaş tərəfindən ödənilməli olan ilkin məbləğin minimuma endirilməsi və ya ləğv edilməsi, kreditin ödənilməsi müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslər siyahısının genişləndirilməsi üzrə tədbirlərin görülməsi zəruridir.
Ümumiyyətlə, mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğun mənzil siyasətinin formalaşdırılması, habelə mənzillə təmin edilmə məsələsinin həllinə kompleks yanaşmanı, o cümlədən köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini də özündə əks etdirən konsepsiyanın və məqsədli dövlət proqramının hazırlanması və həyata keçirilməsi, sosial ipotekanın tətbiq edilməsi zəruridir.
Mənzil sahəsində olan ən ciddi problemlərdən biri də ötən əsrin ortalarından etibarən Bakı şəhərində və onun ətrafında müxtəlif vətəndaşlar tərəfindən zəbt edilmiş yerlərdə qanunsuz tikilmiş evlərin inventarlaşdırılmaması və qeydiyyata alınmamasıdır.
Müvəkkilin əvvəlki illik məruzələrində və bundan əvvəl səlahiyyətli dövlət qurumlarına müraciətlərində Hövsan, Binə və Ramana südçülük sovxozları, habelə Bakı şəhərinin «Alatava», «Zığ», «Vorovski», «Xutor», «NZS», «UPD», «Keşlə», «Yasamal» kimi adlandırılan, habelə başqa yaşayış massivlərində yerləşən, lakin dövlət qeydiyyatına alınmamış evlərdə yaşayan on minlərlə vətəndaşın bir çox hüquqlardan tam şəkildə istifadə etmək imkanlarının məhdudlaşdığı öz əksini tapmışdır.
Minlərlə insanı narahat edən bu problemin həlli məqsədilə qanunsuz tikililərin yerləşdiyi böyük yaşayış massivlərində texniki inventarlaşdırma işlərinin aparılmasına, onların bazar dəyərinin müəyyənləşdirilməsinə və özbaşına tikililər üzərində hüquqların qeydiyyatı məsələsinə baxılmasına və həllinin sürətləndirilməsinə, habelə bu ərazilərdə, xüsusilə Yasamalda qanunsuz tikililərin qarşısının alınmasına böyük ehtiyac vardır.

Təbii fəlakətdən zərər çəkmiş vətəndaşlardan Müvəkkilin ünvanına 324 müraciət daxil olmuşdur. Ölkəmizin ayrı-ayrı regionlarında müxtəlif vaxtlarda baş vermiş təbii fəlakət zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilmiş kompleks tədbirlər ötən il də davam etdirilmişdir.
Zəlzələdən, sel və daşqınlardan ziyan çəkmiş sakinlərin normal həyat şəraitinə qayıtması istiqamətində bir sıra tədbirlər görülmüşdür. Bir çox ziyan çəkmiş ailələr ölkə Prezidentinin müvafiq göstərişlərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qısa müddətdə onlar üçün tikilmiş yeni evlərə köçürülmüş və ya həmin evlərdə təmir-bərpa və ya yenidənqurma işləri aparılmış, vətəndaşlar öz razılıqlarını bildirmişlər.
Müvəkkilin aidiyyəti üzrə müraciətləri nəticəsində təbii fəlakətlərdən ziyan çəkmiş bir sıra evlərə yerli fövqəladə hallar komissiyası tərəfindən ilkin və ya təkrar birgə baxışlar keçirilmiş və Fövqəladə Hallar Nazirliyinin işçi qrupunun baxışına təqdim olunmuş, yaşayış üçün yararsız vəziyyətə düşmüş bir sıra evlərlə bağlı bərpa rəyi verilmiş, bəzi evlər bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir.
Təbii fəlakətlərdən və bədbəxt hadisələrdən, o cümlədən yanğın hallarından evlərin könüllü sığortalanması məqsədlə əhalinin maarifləndirilməsi üzrə iş aparılması, həmçinin mülkiyyətin icbari qaydada sığortalanması üzrə tədbirlər görülməsi zəruridir.

314 müraciətdə əsasən əhalinin müxtəlif məişət, infrastruktur və mənzil-kommunal problemləri, habelə kommunal xidmətlərlə bağlı, o cümlədən istilik, təbii qaz, içməli su və elektrik enerjisi ilə təminat sahəsində olan çatışmazlıqlar öz əksini tapmışdır.
Müvəkkilin fəaliyyətə başladığı vaxtdan etibarən daxil olmuş müraciətlərin davamlı təhlili, habelə real vəziyyət göstərir ki, mənzil-istismar sahələri bir struktur vahidi kimi təsərrüfat əhəmiyyətini tamamilə itirmişdir. Mənzil-kommunal xidmətlərinin xüsusilə aşağı səviyyədə təşkil edilməsi mövcud problemlərin daha da mürəkkəbləşməsi və çoxsaylı şikayətlərlə nəticələnməkdədir. Bu məsələ Milli Məclisdə də səsləndirilsə də, müvafiq strukturlarda idarəetmənin təkmilləşməsi, bürokratik əngəllərin, habelə rüşvətin aradan qaldırılması üzrə tədbirlərə başlanılmamışdır.
Vətəndaşlar tərəfindən Müvəkkilə ünvanlanmış müraciətlərdə, bir qayda olaraq, mənzil-kommunal istismar sahələrinin mənzil fondunun istismarı üzrə üzərinə düşən vəzifələri yerinə yetirməməsi, aidiyyəti ərazilərdə məhəllədaxili sahələrin sanitar vəziyyətinə diqqət yetirilməməsi və abadlıq işlərinin aparılmaması, yaşayış binalarında cari təmir işlərinin görülməməsi, arayışların və digər sənədlərin verilməsi müqabilində rüşvət tələb edilməsi, korrupsiyalaşmış və sakinləri süründürməçiliyə məruz qoyan, çoxsaylı narazılıqlara səbəb olan subyektə çevrilməsi kimi hallar öz əksini tapmışdır.
Mənzil-kommunal təsərrüfatı sistemində struktur islahatlarının aparılması, mənzil-istismar sahələrinin ləğv edilməsi və vəzifələrinin və əmlakının bələdiyyələrə verilməsi üzrə tədbirlər görülməsi zəruridir.
Bakı, Gəncə və Sumqayıt şəhərlərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, həmin şəhərlərin İcra hakimiyyətlərinin hər birinə müvafiq vəsait ayrılmışdır.
Müvəkkilin səyləri nəticəsində əhalinin kommunal xidmətlər sahəsində üzləşdiyi bir sıra problemlər, o cümlədən mənzillərdə mərkəzi istilik sisteminin işləməməsi, içməli su təminatı və kanalizasiya xətlərinin bərpası, qazla təchizatı, elektrik enerjisi ilə təminatla bağlı müraciətlərdə öz əksini tapmış hallar araşdırılaraq təmin edilmişdir.
Bakı şəhərində hündürmərtəbəli yaşayış binalarının bir çoxu istismara qəbul olunmamasına baxmayaraq, sakinlərlə məskunlaşmış, enerji və su ilə təchiz edilmiş, hətta əksər binalarda qaz xətləri çəkilmiş, qaz sayğacları qoyulmuş, lakin hələ də qazlaşdırılmamışdır. Bu hal sakinlərin çoxsaylı ciddi narazılığına səbəb olmaqla yanaşı, xüsusilə qış aylarında soyuqdan əziyyət çəkmələri və müraciətləri ilə nəticələnmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 24.3-cü bəndinə əsasən, “hündürmərtəbəli yeni yaşayış binalarının qazla təminatı ilə əlaqədar məsələlərin həll edilməsi”nin icra olunması ilə bağlı müvafiq orqanlara göstəriş də verilmişdir. Hətta Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1-ci bəndinə əsasən, “yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər”. Lakin qeyd edilən tələblər bir sıra binalara münasibətdə hələ də icrasız qalmışdır.

Mülkiyyət hüququ. Ötən il mülkiyyət hüququnun pozulması ilə bağlı 2.257 müraciət daxil olmuşdur. Bu müraciətlərdə əsasən mülkiyyətdə olan əmlakın (evin, tikilinin), o cümlədən müvafiq məhkəmə qərarı olmadan yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin ictimai ehtiyaclar üçün geri alınması və əvəzinin ödənilməməsi və ya əvəzində uyğun kompensasiyanın verilməməsi, vətəndaşlara məxsus evlərin yerləşdiyi və istifadədə olan torpaq sahələrinin onların razılığı olmadan bina tikintisi üçün şirkətlərə verilməsi, islahat prosesində xüsusi mülkiyyətə verilmiş torpaq payına dair dövlət aktının verilməməsi və ya alınaraq yenisi ilə əvəz edilməməsi, bir şəxsin mülkiyyətində və ya istifadəsində olan torpağın bir hissəsinin başqa şəxsə satılması, torpaq payına dair dövlət aktında torpaq sahəsinin düzgün göstərilməməsi, torpaq payının sərhədlərinin yerində göstərilməməsi, vətəndaşa məxsus evin sənədləşdirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi kimi hallar öz əksini tapmışdır.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanına əsasən, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar, fərdi yaşayış evləri üzərində isə təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi vəzifəsinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növləri siyahısına əlavə edilməsi mövcud sahədə vətəndaşların müraciətlərinin asanlaşdırılmasına xidmət edən mühüm addımdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinin tələblərinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda və qaydada alınır.
Bəzi müraciətlərdə ev, mənzil, torpaq üzərində hüquqların qeydiyyatı zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin ərazi idarələri və rayon (şəhər) şöbələri tərəfindən süründürməçiliyə məruz qalma halları qeyd edilmiş, Müvəkkilin müdaxiləsi nəticəsində pozulmuş hüquqlar bərpa edilmişdir.
Xüsusi mülkiyyətə verilmiş torpaq paylarına, habelə bələdiyyələrdən alqı-satqı yolu ilə alınmış torpaq sahələrinə dair «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin verilməsi ilə bağlı olan şikayətlərin də müsbət həll edilməsi üçün zəruri tədbirlər ğörülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanı ilə təsdiq edilmiş «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları»na uyğun olaraq, vətəndaşlara həmin ödəmələrin verilməsi təmin edilmişdir.
Qeyd edilənlərdən fərqli olaraq, SSRİ Dövlət Sığorta Baş İdarəsi tərəfindən vətəndaşlarla bağlanılmış “Həyat sığortası”, “Uşaqların sığortası”, “Nikahadək (toy) sığortası” və digər sığorta növləri üzrə müqavilələrdə nəzərdə tutulmuş məbləğlərin ödənilməsi məsələsi hələ də öz hüquqi həllini tapmamışdır.
Bankların müflisləşməsi nəticəsində əmanətləri geri qaytarılmayan və ya bəzi bank işçiləri tərəfindən əmlakın mənimsənilməsi nəticəsində əmanətləri ödənilməyən vətəndaşların narazılıqlarının, onların mülkiyyətinə vurulmuş ziyanın qarşısının alınması üçün tədbirlət görülməsi zəruridir.

Biznes və insan hüquqları. Dövlət qurumları ilə səmərəli əməkdaşlıq çərçivəsində qeyri-dövlət sektoruna daxil olan müəssisələr tərəfindən vətəndaşların pozulmuş mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, istirahət, sağlamlığın qorunması və digər hüquqlarının bərpası üzrə tədbirlər görülmüş, aşkar olunmuş nöqsan və çatışmazlıqlarla əlaqədar təklif və tövsiyələr verilmiş, bir çox problemlər öz həllini tapmışdır.
Biznesin idarə edilməsi zamanı insan hüquqlarının müdafiəsi məsələlərinin prioritetliyini diqqətdə saxlayan Müvəkkil tərəfindən ötən dövrdə təşkil edilmiş tədbirlərdə özəl strukturların fəaliyyətinə müvafiq dövlət nəzarətini həyata keçirən səlahiyyətli dövlət qurumları ilə geniş müzakirələr aparmışdır. Bu tədbirlərdə Milli Məclisin deputatları, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Təsisatda “Biznes və insan hüquqları: problemlər və həlli perspektivləri”,  “Biznes və insan hüquqları: problemlər və həlli yolları”, “Azərbaycanda azad sahibkarlığın inkişaf perspektivləri” mövzularında tədbirlər keçirilmiş, insan hüquqlarının səmərəli təmin edilməsinə xidmət edən bir sıra önəmli məsələlər müzakirə edilmiş, fikir mübadilələri aparılmış, təklif və tövsiyələr verilmişdir.
Müvafiq istiqamət üzrə aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət tərkibdə İşçi qrupu yaradılmışdır.
İşçi qrupunun yaradılmasında əsas məqsəd sahibkarlar tərəfindən fəaliyyətlərinin həyata keçirilməsi zamanı insan hüquqlarına hörmət və riayət olunmasının təmin edilməsi, pozuntu hallarının aradan qaldırılması, sahibkarlıq fəaliyyətinin inkişafında yeni istiqamətlərin müəyyən olunmasına və bu sahədə dövlət nəzarətinin və məsuliyyətin gücləndirilməsinə nail olunması, Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrin icrasının təmin edilməsi (sahibkarların və istehlakçıların hüquqlarının möhkəmləndirilməsi, işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, işçilərin əmək hüquqlarının müdafiəsinin gücləndirilməsi, istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması, qadınların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili, uşaq əməyinə dair müvafiq beynəlxalq konvensiyalardan, həmçinin Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üzrə tədbirlərin gücləndirilməsi), insan hüquqları və biznes sahəsində qəbul olunmuş beynəlxalq hüquq normalarının öyrənilməsi və milli qanunvericiliyə implementasiyasının təmin olunması, habelə milli qanunvericiliyin monitorinqi və təkmilləşdirilməsi olmuşdur.
Qeyd olunan məqsədlərə çatmaq üçün işçi qrupunun fəaliyyəti müvafiq prioritet istiqamətlər, o cümlədən sahibkarlıq fəaliyyətinə müdaxilə etmədən müxtəlif biznes qurumları və onların rəhbərliyi tərəfindən işçi heyətin hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə fəaliyyətin gücləndirilməsi, bu sahədə mövcud problemlərin ətraflı müzakirəsi, şikayətlərin araşdırılmasının və pozuntu hallarının aradan qaldırılması mexanizmlərinin hazırlanması, bu vasitələrin effektivliyinin təmin olunması, əmək hüquqlarının səmərəli müdafiəsi məqsədilə iş yerlərində səlahiyyətli qurumlarla birgə monitorinqlərin aparılması, qaynar xəttin yaradılması əmək münasibətlərində ayrı-seçkilik hallarının aradan qaldırılması üzrə tədbirlərin gücləndirilməsi, uşaq əməyinin istismarı hallarının aradan qaldırılması məqsədilə biznes qurumlarında uşaq strategiyalarının qəbulu məsələsinin təşviqi, istehlakçıların hüquqlarının müdafiəsi, habelə məhsul və xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi, ekoloji sağlam qida məhsullarının istehsalının və satışının genişləndirilməsi, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin gücləndirilməsində birgə səylərin artırılması, bu sahədə milli qanunvericiliyin monitorinqinin aparılması, mövcud boşluqların aradan qaldırılması üzrə təklif və tövsiyələrin işlənib hazırlanması, sahibkarların insan hüquqlarına riayət olunması, ətraf mühitin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi müqabilində onlara vergi və digər güzəştlərin edilməsi, həvəsləndirmə tədbirlərinin tətbiqi, sahibkarlar arasında maarifləndirmə işinin təşkili, bu məqsədlə müvafiq daxili qanunvericiliyin və beynəlxalq hüquq normalarının müddəalarını əks etdirən nəşrlərin hazırlanması və yayılması üzrə qurulmuşdur.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunnuun səmərəli tətbiqi sahəsində gələcək əməkdaşlığın perspektivləri” mövzusuna həsr olunmuş tədbirdə çıxış edən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə həmin normativin geniş şərhini vermiş, bu Qanunun Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmış, bu Qanunun sahibkarların hüquqlarının daha səmərəli müdafiəsi baxımından əhəmiyyətindən danışmış, dövlət orqanları və vətəndaş cəmiyyətlərinin bu sahədə gələcək əməkdaşlığının inkişaf etdirilməsinin zəruriliyini göstərmişdir.
Bu tədbirlərdə Müvəkkil korporativ məsuliyyət məsələsinə diqqətin artırılmasının, sahibkarlar tərəfindən insan hüquqlarına hörmət və riayət olunmasının, beynəlxalq rəhbər prinsiplərin milli qanunvericiliyə implementasiyasının, sahibkarların hüquqlarının effektiv reallaşdırılmasının, onlara fəaliyyətlərinin daha səmərəli təşkili üçün əlverişli şəraitin yaradılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinin, sahibkarların hüquqlarını məhdudlaşdırmadan onların fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsinin, tələb olunduğu hallarda sahibkarlardan insan hüquqlarına riayət olunması barədə məlumatlar alınmasının zəruri olduğunu bildirmişdir.
Uşaqların erkən yaşlarından özəl müəssisələrdə, küçələrdə sağlamlığına və fiziki imkanlarına uyğun olmayan əməyə cəlb olunmasının onların vaxtından əvvəl uşaqlıqdan məhrum edilməsinə, əqli inkişafına, təhsilinə, bacarıq və istedadının inkişaf etdirilməsinə, hətta fiziki inkişafına mənfi təsir göstərdiyini qeyd edən Müvəkkil fəaliyyəti ərzində qeyd olunan problemə xüsusi diqqət və qayğı ilə yanaşmış, bu qəbildən olan müraciətlər araşdırılaraq müvafiq tədbirlər görülmüşdür.
Kiçik sahibkarlar tərəfindən işçilərin əmək hüquqlarının pozulması hallarına daha çox təsadüf edildiyindən Müvəkkil xüsusilə onların fəaliyyətinə insan hüquqlarının qorunması aspektindən nəzarətin gücləndirilməsini zəruri hesab edir.
Biznes və insan hüquqları məsələsini daim diqqətdə saxlayan Müvəkkil bu istiqamətdə mövcud vəziyyətin monitorinqi, çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi istiqamətlərinin müzakirələrini davam etdirmək məqsədilə dövlət orqanları, yerli qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlığı davam etdirməkdədir. 


1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi
 
Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi. Beynəlxalq qurumların, dünya ictimaiyyətinin gözü önündə Ermənistan Respublikası hələ də ölkəmizin ərazi bütövlüyünü tanıyan və BMT tərəfindən qəbul olunmuş məlum qətnamələrin tələblərini yerinə yetirmir. Dünya birliyinin bərabərhüquqlu üzvü olan suveren Azərbaycan Respublikasına qarşı yürüdülən bu işğalçılıq və terrorçuluq siyasəti nəticəsində bir milyona yaxın insanın beynəlxalq hüquqla tanınmış bir çox hüquq və azadlıqları pozulmaqda davam edir.
2003-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 37,0 min ailə və ya 166 min nəfərdən çox məcburi köçkün üçün 2,2 milyon kvadratmetr sahəsi olan 61 qəsəbə və fərdi evlər inşa edilmiş, 120 orta ümumtəhsil məktəbi, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub- icma mərkəzi, 28 rabitə evi tikilmiş, 490,6 kilometr yol, 644,0 kilometr su, 1059,0 kilometr hava elektrik, 310,0 kilometr qaz, 75,5 kilometr kanalizasiya, 20 kilometr istilik xətləri çəkilmiş, 581 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılmışdır. Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Təkcə 2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 700 milyon dollar vəsait sərf olunub ki, bunun 300 milyon dollarını komitənin, qalan 400 milyon dollarını isə Dövlət Neft Fondunun büdcəsi təşkil edir. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətti çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır. Həmçinin Dövlət Proqramının və ona edilmiş Əlavələrin icrasına uyğun olaraq, məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə son 10 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə, 200 min nəfəri isə müvəqqəti işlə təmin olunmuşdur. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il ilə müqayisədə 9 dəfə çoxdur.
Müvəkkil məcburi köçkünlər üçün yeni salınmış, qaz, işıq, su ilə təchiz edilmiş, 200-dək ailənin yaşadığı Bərdə rayonunun Təhlə qəsəbəsinə gedərək, orada tikilən evlərə baxmış, sakinlərlə görüşmüş, onların vəziyyəti, hüquqlarının təmin olunması ilə maraqlanmış, yaradılan infrastruktur, o cümlədən məktəblər, tibb məntəqəsi barədə ətraflı məlumat almışdır.
Laçından olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonundakı Taxtakörpü qəsəbəsinə səfər etmiş, oradakı vəziyyəti, məcburi köçkünlərin şəraitini və hüquqlarının təmin olunduğunu öyrənmişdir. O, Laçın Rayon İcra Hakimiyyətinin başçısı, habelə məcburi köçkünlərlə görüşmüş, bu kateqoriyadan olan əhalinin problemlərini araşdırmış, tövsiyələrini vermişdir. Müvəkkil məcburi köçkünlər üçün qaz, işıq, su ilə təchiz edilmiş evlərə baxmış, orta məktəbə baş çəkmiş, yaradılan infrastruktur, o cümlədən tibb məntəqəsi barədə ətraflı məlumat almışdır.
1 saylı Uşaq bağçasına, Zobucuq qəsəbəsində yerləşən Rayon Mərkəzi Xəstəxanasına baş çəkərək, işçi heyəti və əhali ilə görüşmüş, onların vəziyyəti, yaradılmış şəraitlə maraqlanmış, tövsiyələrini vermişdir.
Füzuliyə səfəri çərçivəsində Müvəkkil bu şəhərdəki 1 saylı orta məktəbdə olmuş, Ombudsmanın təşəbbüsü, Təhsil Nazirliyi və YUNİSEF-lə əməkdaşlıqda orta ümumtəhsil  məktəblərində həyata keçirilən Uşaq hüquqları üzrə Pilləli tədris proqramının müvəffəqiyyətlə başa çatması məqsədilə təşkil olunmuş təltifetmə mərasimində iştirak etmişdir. Qeyd olunmalıdır ki, Horadiz şəhər 1 nömrəli, Kərimbəyli kənd orta məktəbi və 7 saylı Qayıdış qəsəbə 6 nömrəli orta məktəblərinin şagirdləri adı çəkilən proqramı uğurla başa vurmuşlar.
Ötən il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığa da xüsusi önəm verilmişdir.
 Respublikamızın Xocalı şəhərində törədilmiş soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı Müvəkkil bəyanatlar vermiş, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarına ünvanlamışdır.
Müvəkkilin və əməkdaşlarının xarici ölkələrə işgüzar səfərləri zamanı bütün beynəlxalq tədbirlərdə xalqımızın üzləşdiyi bu faciələri özündə əks etdirən çoxsaylı ədəbiyyat, bəyanatlar və disklər paylanmışdır.

Həbsdə saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi. Müvəkkil cari ildə də məhkumların və həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Həm daxil olmuş müraciətlərin araşdırılması zamanı, həm də keçirilmiş baxışlar zamanı bu kateqoriyaya aid olan şəxslərin şərəf və ləyaqətin müdafiəsi, işgəncəyə məruz qalmamaq, sağlamlığın qorunması, müraciət etmək, hüquqi yardım almaq hüququnun gerçəkləşdirilməsi və digər hüquqlarının təmin edilməsi diqqət mərkəzində olmuşdur.
Şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərin muasir standartlara uyğunlaşdırılması istiqamətində yenidən qurulması, saxlanılma şəraitinin yaxşılaşdırılması, bu müəssisələrdə insan hüquqlarının etibarlı təmin edilməsi və məhkumların islah olunmasına istiqamətlənmiş tədbirlər ötən il də davam etdirilmişdir.
Həyata keçirilmiş tədbirlər və tətbiq edilmiş yeniliklər nəticəsində qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması, intizamın gücləndirilməsi üzrə ardıcıl işlər görülmüş, həbsdə saxlama yerlərinin və  penitensiar müəssisələrin işinə nəzarət gücləndirilmişdir.
Şəkidə təqsirləndirilən şəxslərin və məhkumların öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və gələcək sosial adaptasiyasına xidmət edəcək, konseptual baxımdan yeni olan və bir neçə müəssisəni əhatə edən penitensiar kompleks istifadəyə verilmişdir.
Gəncə və Lənkəranda qarışıq rejimli cəzaçəkmə, Zabrat qəsəbəsində qadın məhkumlar üçün cəzaçəkmə və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisələrinin, Umbakıdakı həbsxananın tikintisi və istifadəyə verilməsi üzrə davam etdirilən işlər sürətləndirilməlidir.
Məhkumların və onların ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, müxtəlif vaxtlarda Müvəkkil Azərbaycan Respublikası Prezidentinin yanında Əfv məsələləri komissiyasına müraciətlər etmiş, əfvlə bağlı çoxsaylı vəsatətlər qaldırmışdır.
Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, ölkə Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2013-cü il 14 oktyabr tarixli Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 134 şəxs cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 şəxs, islah işləri cəzasına məhkum edilmiş 1 şəxs, cərimə cəzasına məhkum edilmiş 16 şəxs cəzadan azad edilmişdir.
Ölkəmizdə qısa müddətdə ümumilikdə 10 amnistiya aktı qəbul olunmuş, 55 əfv fərman və sərəncamları imzalanmış, minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hazırkı vaxta kimi əfv olunma haqqında 23 fərman və sərəncam imzalanmışdır.
Fəaliyyəti dövründə Müvəkkilin vəsatəti ilə ümumilikdə 409, 2013-cü ildə isə 18 məhkum əfv edilmişdir.
Heydər Əliyevin mərhəmət, insanpərvərlik və humanistlik ideyalarına sadiq qalan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən 2013-cü il 7 may tarixində "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul edilmişdir.
Qeyd edilən qərar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti üzrə 2.834 məhkuma tətbiq olunmuşdur ki, onlardan 679 nəfər cəzaçəkmə müəssisələrindən, 1.588 nəfər məntəqə tipli cəzaçəkmə müəssisələrindən azad edilmiş, 567 nəfərin isə cəza müddətləri 6 ay azaldılmışdır.
Cari ildə penitensiar müəssisələrdə mədəni-kütləvi tədbirlərin, cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə təsdiq etdiyi planlar üzrə tədbirlərin keçirilməsi davam etdirilmişdir.
Məhkumların saxlanılma şəraitinin və onlara qarşı rəftar məsələlərinin araşdırılması məqsədilə Müvəkkil və aparatın əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində mütəmadi baxışlar keçirmiş, saxlanılan şəxslərlə və məhkumlarla görüşmüş, onların problemləri ilə tanış olmuşlar.
Aşkar edilmiş qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilmiş, zəruri hallarda isə Ədliyyə Nazirliyinə müraciətlər edilmiş, nəticədə bir sıra çatışmazlıqlar aradan qaldırılmışdır.
Baxışlar zamanı, bir qayda olaraq, məhkumların pis rəftara məruz qalmaması, habelə seçki hüququnun, vicdan, əqidə və dini azadlıqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması vəziyyətinə xüsusi diqqət yetirilmişdir. Eyni zamanda məhkumlar pensiya təminatı, sağlamlıq, ailə və digər problemləri ilə bağlı müraciətlər də etmişlər ki, bunlar Müvəkkilin müdaxiləsi nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz həllini tapmışdır.
Eyni zamanda məhkumların ictimai faydalı əməyə cəlb edilməsi üçün müəssisələrdə yeni istehsalat sahələrinin yaradılmasına da ehtiyac vardır.
Penitensiar müəssisələrə baxışların nəticəsi olaraq, Müvəkkil tərəfindən nazirliyə, habelə onun müvafiq xidmətinə aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə davamlı olaraq təklif və tövsiyələrlə müraciətlər edilmiş, səmərəli tədbirlər görülmüşdür.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi.  Son zamanlar Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən aparılan islahatlar, hərbi qulluqçuların hüquqlarının müdafiəsinin, orduda ideoloji, hüquqi maarifləndirmə və təlim-tərbiyə işlərinin, həmçinin şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, eyni zamanda vətənə sədaqət və vətənpərvərlik mühitinin gücləndirilməsində müsbət rol oynayır.
Müvəkkil və aparatın əməkdaşları ötən il bir sıra hərbi hissələrdə, habelə Azərbaycan Ali Hərbi Məktəbində tədbirlər həyata keçirmiş, zabit və əsgərlər qarşısında çıxış etmiş, hərbi qulluqçuların, xüsusilə də müddətli xidmət hərbi qulluqçularının vəziyyəti ilə yerində tanış olmuş, monitorinqlər aparmış, 4 hərbi polisə (o cümlədən hauptvaxtlarına), Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və 2 qarnizon hauptvaxtına baxış keçirilmişdir.
2013-cü ildə həqiqi hərbi xidmətdə, habelə ehtiyatda və istefada olan hərbi qulluqçulardan və onların ailə üzvlərindən Müvəkkilin ünvanına daxil olmuş müraciətlərdə istifadə edilməmiş məzuniyyətə görə və müvəqqəti mənzil kirayəsi üçün hərbi qulluqçulara pul kompensasiyasının verilməsində, həmçinin sağlamlığın qorunması sahəsində problemlərin olması, müqavilə müddəti başa çatsa da, hərbi qulluqçuların ordudan tərxis olunmalarının gecikdirilməsi, müharibə veteranlarına, müharibə əlillərinə, şəhid ailələrinə qanunla şamil edilən güzəştlərin yerli icra hakimiyyəti orqanları tərəfindən lazımi qaydada təmin edilməməsi, xidmətdən sonra hərbi qulluqçuların problemlərinin həllində yerli icra hakimiyyəti orqanlarının biganəliyi, Müdafiə Nazirliyinin Mərkəzi arxivindən müvafiq arayışların alınmasına, habelə orduda nizamnamə qaydalarının pozulması hallarına dair müraciətlər daxil olmuşdur.
Hərbi əməliyyatlarla bağlı olmayan ölüm və xəsarət alma, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, bəzi komandirlərin qulluğa səhlənkar yanaşması, tabeliyindəki hərbi qulluqçuları təhqir etməsi, döyməsi, onlarla kobud rəftar kimi hallara hələ də rast gəlinməkdədir.
Belə hallar orduda şəxsi heyətin döyüş ruhuna və psixoloji durumuna, qanunvericilik və nizamnamələrə uyğun xidmətin təmin edilməsinə mənfi təsir göstərir.
Rəsmi məlumata əsasən, 2013-cü ildə hərbi prokurorluq orqanlarında qeydə alınmış hərbi cinayətlərin 14,8%-i Cinayət Məcəlləsinin 331, 34,4%-i isə həmin Məcəllənin 332-ci maddəsi ilə olmuşdur.
Övladları müddətli hərbi xidmətdə olan və sağlamlıq durumu pisləşmiş hərbi qulluqçuların valideynlərinin şikayətləri də narahatlıq doğurmuşdur. Belə hallar cəmiyyətdə hərbi qulluğa düzgün münasibətin formalaşmasına mənfi təsir göstərir.
Müraciətlərin araşdırılması göstərir ki, hərbi xidmətdə sağlamlıq vəziyyəti və psixoloji durumlarında müəyyən problemləri olmaqla hərbi xidmətə yararsız olan  əsgərlərə, hətta zabitlərə də rast gəlinməkdədir. Bu baxımdan hərbi xidmətə cağırılan gənclərin tibbi müayinələrdən daha dəqiq keçirilməsini, həmçinin hərbi hissə və müəssisələrdə həkim personalının komplektləşməsi və şəxsi heyətlə işləmək üçün psixoloq-mütəxəssislərin cəlb edilməsi zəruridir. 
Məlumatlara əsasən, bu il yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində (onlardan 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər) müxtəlif xəstəliklər aşkar edilərək geri qaytarılmışlar. Bu hal onu deməyə əsas verir ki, hərbi qulluqçuların hüquqlarının pozulması səbəblərinin aşkar edilməsinə, aradan qaldırılmasına və qarşısının alınmasına yönəlmiş birgə tədbirlərin həyata keçirilməsi üçün Müdafiə Nazirliyi və digər hərbi birləşmə komandanlığının Müvəkkil və vətəndaş cəmiyyəti arasında müntəzəm əməkdaşlığı vacibdir.
Odur ki, qarşılıqlı əməkdaşlığı davam etdirmək üçün 2014-cü il üzrə tədbirlər plan-cədvəli Müvəkkil və Müdafiə naziri, habelə Daxili Qoşunların komandanı tərəfindən təsdiq edilərək tədbirlərin keçirilməsinə başlanılmış, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli əməkdaşları ilə birgə bu cür plan-cədvəllərin ilkin variantları hazırlanmış və təsdiq edilmişdir.
Müvəkkil nizamnamədənkənar münasibətlərin qarşısının alınmasını və şəxsi heyətin hüquqi biliklərinin artırılması yönümündə həyata keçirilən tədbirlərin məzmununun genişləndirilməsini, sayının və keyfiyyətinin artırılmasını, bu cür tədbirlərin həyata keçirilməsi işinə hərbi hüquqşünasların, nüfuzlu ictimai xadimlərin, valideynlərin və hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları nümayəndələrinin cəlb edilməsini,  hərbi idarəetmə qurumlarında qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsini, hərbi vəzifəli şəxslərin məsuliyyət hissinin artırılması məqsədi ilə əsasən tərkibi keçmiş hərbi qulluqçulardan, həkimlərdən, hüquqşünaslardan, jurnalistlərdən, müstəqil ekspertlərdən ibarət olan, orduya ictimai nəzarətin həyata keçirilməsi üzrə zəruri hüquqi mexanizmlərin hazırlanmasını və tətbiqini, orduda ideoloji,  hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin, həmçinin şəxsi heyətin yüksək döyüş ruhunun, psixoloji durumunun, qanunvericilik və nizamnamələrə uyğun xidmətin, Vətənə sədaqət və vətənpərvərlik mühitinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsini, orduda şəxsi heyətlə (bölüklərdən başlamaqla) işləmək üçün psixoloq-mütəxəssislərin xidmətinin təşkilini təxirəsalınmaz, vacib məsələlərdən hesab edir.

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi. Qadınların səlahiyyətlərinin genişləndirilməsinə nail olmaq məqsədilə prioritet tədbirlərin həyata keçirilməsi sahəsində Müvəkkil  bütün illərdə olduğu kimi bu il də dinamik fəaliyyət göstərmiş və bu fəaliyyət bir neçə istiqamətdə həyata keçirilmişdir.
Müvəkkil yoxsulluğun azaldılmasına yönəlmiş proqramlarda qadınların işlə təmini, onların iqtisadi imkanlarının genişlənməsi məqsədilə mikrokreditlərin və digər maliyyə vəsaitlərinin verilməsi, gəlir gətirən fəaliyyət növlərinin təşkili, təhsil və tibbi xidmətlərdən istifadə imkanlarının genişlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. Qadınların işə bərpa, dərs yükü, münasibətlərdə pis rəftar, zorakılıq halları ilə bağlı müraciətlərinə də həssaslıqla yanaşılmış, bir sıra problemlərin həllinə nail olunmuşdur.
Reproduktiv sağlamlıq, sağlam fizioloji doğuş problemləri, ana və uşaq ölümü hallarının öyrənilməsi məqsədilə doğum evlərinə baxışlar keçirilmiş, burada vəziyyətin, hamilə və yeni doğulmuş körpələrə tibbi xidmətin, patronaj sisteminin təkmilləşməsi vəziyyəti öyrənilmişdir.
Qeysəriyyə əməliyyatının lüzumsuz tətbiqinin aradan qaldırılması, reproduktiv sağlamlıq haqqında qanunun Milli Məclis tərəfindən qəbulunun sürətləndirilməsi, gənc nəslin milli adət-ənənələr, ailə mədəniyyəti çərçivəsində tərbiyələndirilməsində maneələr törədən əxlaqsızlıq yuvalarının aşkarlanması, ləğvi və onları saxlayan şəxslərin cəzalandırılması, erkən nikah və qüsurlu körpələrin doğulmasının qarşısının alınması kimi məsələlər qaldırılmışdır.
Qadın və yeniyetmə qızların hüquqlarının müdafiəsi, qeyd olunan problemlərin həlli, o cümlədən müraciətlərdə qadın hüquqlarının pozulması hallarının aradan qaldırılması məqsədilə səlahiyyətli dövlət qurumları qarşısında məsələlər qaldırılmış və bir çox hallarda müsbət nəticələr əldə edilmişdir.
Ailə planlaşması barədə məlumatlar, qızların və qadınların sağlamlığının mühafizəsi, cinsi yolla keçən xəstəliklər, xüsusilə də qadın və qızların immunodefisit (İİV/QİÇS) virusu ilə yoluxma və bu növ yoluxucu xəstəliklərdən qorunma metodları, körpələrin ana südü ilə qidalanması, uşaq və ananın sağlamlığına, sağlamlıq və onunla bağlı təhsil və fiziki hazırlıq sahələrində gender məsələsinin tətbiq edilməsinə, qadınların əqli sağlamlığına, iş yerlərində sağlamlıq şəraitinə, ətraf mühit amillərinə və yaşlı qadınların xüsusi ehtiyaclarının tanınmasına dair geniş maarifləndirmə işi aparılmışdır.
Qadınların hakimiyyət orqanlarında və qərar qəbuletmə prosesində, o cümlədən hökumətlərarası, hökumət və qeyri-hökumət sektorlarında iştirakına xüsusi önəm verilmiş, qadınların liderliyinə dair təlim proqramları hazırlanmış, həm kişi, həm də qadınların ailə və iş öhdəliklərini uzlaşdırmağa imkan verən tədbirlər həyata keçirilmişdir. Müvəkkil müxtəlif sahələrdə çalışan siyasətçi qadınlar, qadın deputatlar, fəal və peşəkar qadınların imkanlarını genişləndirməyə şərait yaradan təkliflər irəli sürülmüş, eləcə də milli və beynəlxalq şəbəkələrdə fəal iştirak edilmişdir.
Kütləvi informasiya vasitələrinin gender stereotiplərinin formalaşmasına böyük təsir göstərdiyini diqqətə alan Müvəkkil yerli  və milli səviyyədə qadınların mətbuatdan istifadəsinin, bu sahədə fəaliyyət göstərən qadınların dəstəklənməsi üzrə maarifləndirmə tədbirləri həyata keçirmiş, qadın və qızların iştirakının genişləndirilməsi üçün təkmilləşdirilmiş kommunikasiya imkanlarından yararlanması istiqamətində bir sıra işlər görmüşdür. Bu, bir çox qadınların biliklərinin bölüşdürülməsində, şəbəkə və elektron kommersiya fəaliyyətində öz  töhfələrini vermək imkanını artırmışdır.
Müvəkkil həssas məktəb mühitinin, təkmilləşdirilmiş təhsil infrastrukturunun yaradılması, məktəbə gedən qızların sayının və davamiyyətinin artırılması, gənc analara dəstək mexanizminin təşkili, qeyri-formal təhsil imkanlarının genişləndirilməsi və texniki peşə yönümlü təhsilə qızların daha çox cəlb olunması, qızların orta və ali təhsilinin davam etdirilməsi sahəsində geniş tədbirlər və maarifləndirmə proqramı həyata keçirmiş, yeniyetmələrin cinsi və reproduktiv sağlamlıq barədə biliklərinin artırılması istiqamətində  müvafiq məlumatlar yayılmışdır.
Gender bərabərliyi məsələlərinin prioritetləri müəyyənləşdirilmiş, müraciətlərdə göstərilən hüquq pozuntularının və ayrı-seçkilik hallarının aradan qaldırılması üçün müvafiq orqanlara müraciətlər ünvanlanmışdır.
Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin hüquq və digər fakültələrində “Genderə giriş” fənninin tədrisi davam etdirilərək, “Gender və bərabər imkanlara təminat”, “Gender bərabərliyi üzrə beynəlxalq və milli qanunvericilik”, “Genderin iqtisadi, sosial və mədəni aspektləri” və s. mövzularda mühazirələr oxunmuşdur. Bununla bərabər, Dövlət İdarəçilik Akademiyasında, Ədliyyə Akademiyasında, Əmək və Sosial Münasibətlər Akademiyasında gender siyasəti üzrə məsul şəxslər və həmkarlar təşkilatlarının fəallarına insan hüquqları və gender problemlərinin müasir aspektləri üzrə məruzələr oxunmuşdur.
Müvəkkilin rəhbərliyi ilə gender bərabərliyi mexanizminin inkişaf etdirilməsi istiqamətində mövcud qanunvericilik təhlil edilmiş və boşluqların müəyyən edilməsi üçün gender ekspertizası aparılmışdır. Gender zəminində zorakılıq və belə halların qarşısının alınması istiqamətində səmərəli əlaqələndirmə məqsədilə Milli Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər daha da gücləndirilmişdir.
Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan prioritetlərdə ölkə səviyyəsində həyata keçirilən islahatlar və qazanılmış uğurlarla yanaşı, bir sıra istiqamətlərə diqqətin artırılması tövsiyə olunur. Bunlar gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişlənməsi istiqamətində əldə olunan uğurlar əsasında stereotiplərə qarşı mübarizə, kənd və rayon yerlərində gender siyasətinə diqqətin artırılması və bu sahədə mövcud boşluqların aradan qaldırılmasını nəzərdə tutur ki, bu istiqamətdə Müvəkkil tərəfindən geniş fəaliyyət həyata keçirilməklə qadın hüquqlarının təbliğinə böyük önəm verilir.
Qeyd olunan istiqamətdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, habelə müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri ilə əməkdaşlıq genişləndirilmiş, qadın hüquqlarının təbliğinə dəstək verilmiş, qadın hüquqları və gender bərabərliyi sahəsində beynəlxalq mexanizmlər təcrübəsində tövsiyələr irəli sürülmüşdür.

Uşaq hüquqlarının müdafiəsi. Ötən dövrdə şikayət ərizələri ilə yanaşı, uşaqların hüquqları pozulduqda təxirə salınmadan Müvəkkilə müraciət edilməsi məqsədilə təsisatda 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xəttə daxil olan müraciətlərlə, o cümlədən təhsil hüququnun pozulması, müalicənin təşkili, yaşayış yeri ilə təmin olunma, ünvanlı sosial yardımın təyini, məişət zorakılığı və digər məsələlərlə bağlı tədbirlər görülmüş, zəruri hallarda araşdırmalar aparılmış, tədbirlər görülmüş, hüquqi məsləhətlər verilmişdir.
UNİCEF-lə imzalanan İllik İş Planına əsasən, ölkənin 8 regionunda (Sabunçu, Suraxanı, Mingəçevir, Gəncə, Sumqayıt, Masallı, Cəlilabad, İmişli, Quba və Şəki) yerləşən Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzlərində uşaq hüquqları və sağlam həyat tərzi mövzusunda interaktiv formada təlimlər keçirilmişdir. Bununla yanaşı, həmin müəssisələrin iş planları, fəaliyyəti, kadr, maliyyə, KİV və QHT-lərlə əlaqələrini qiymətləndirmək məqsədilə mərkəz rəhbərləri ilə sorğu keçirilmiş, mərkəzlərin sənədləri, binaları, uşaqların əl işləri nəzərdən keçirilmişdir. Eyni zamanda layihə çərçivəsində respublikada mövcud olan  bütün uşaq və körpələr evlərində baxış və müsahibələr keçirilmişdir. Sorğuların keçirilməsində əsas məqsəd adıçəkilən müəssisələrin mövcud durumunu və onların ehtiyaclarını qiymətləndirməkdən ibarət olmuşdur. Layihə çərçivəsində görülən işlər təhlil edilmiş və mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq qurumlara təkliflər göndərilmişdir.
Bəzi məktəblərdə tibb məntəqəsinin, mütəxəssis-psixoloqun olmaması və ya fəaliyyət göstərməməsi uşaqların sağlamlığına, psixoloji durumuna, ətrafdakılarla davranışına mənfi təsir göstərir və müxtəlif fəsadların yaranmasına səbəb olur.
“Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərə alınaraq, tibb işçiləri və valideynlər arasında maarifləndirmə işlərinin aparılmasına ehtiyac vardır.
Müvəkkil uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsində uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkili məqsədilə müvafiq qanunun qəbul edilməsini təklif etmişdir. Yeri gəlmişkən, “Uşaqların istirahətlərinin təşkili” haqqında qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılmışdır. Müvəkkil tərəfindən verilmiş təkliflər bu qanun layihəsində nəzərə alınmışdır.
Ötən dövrdə təsisat tərəfindən UNİCEF-in dəstəyi ilə respublikamızın ayrı-ayrı regionlarında - Xaçmaz, Siyəzən, Astara, Yardımlı, Gəncə, Gədəbəy, habelə Bakı şəhərinin Qaradağ və Səbail rayonlarında uşaqlarla işləyən şəxslərin zorakılıq hallarının tədqiqi üzrə məlumatlılıq səviyyəsinin öyrənilməsinə dair aparılan araşdırma ekspert tərəfindən təhlil olunaraq ümumiləşdirilmişdir. Araşdırmanın məqsədi təhsil, səhiyyə, sosial xidmət, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarında çalışan mütəxəssislərin, uşaqlara qarşı zorakılıq və sui-istifadə hallarının ünvanlandırılmasına cavabdeh şəxslərin məlumatlılıq səviyyəsinin, habelə mövcud təcrübənin öyrənilməsindən ibarət olmuşdur.
Müvəkkil tərəfindən Lanzarote Komitəsinin hazırladığı “Ümumi icmal” sorğusu cavablandırılmış və Avropa Şurasına göndərilmişdir.
Uşaqların zorakılıqdan müdafiəsi məqsədilə Müvəkkilin təklifi nəzərə alınaraq, 2008-ci ildə ölkəmiz tərəfindən imzalanmış “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsini, habelə UNİCEF-in dəstəyilə Müvəkkil tərəfindən hazırlanmış və 2009-cu ildə Milli Məclisə təqdim edilmiş “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbul olunmasını təklif etmişdir. Milli Məclisdə müvafiq qanun layihəsinin hazırlanması, bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərin nəzərdə tutulması təqdirəlayiqdir.
İşgəncələrə qarşı Milli Preventiv Qrupun üzvləri müntəzəm olaraq uşaqların saxlanıldığı dövlət müəssisələrinə (uşaq evləri, internatlar, polis şöbələri, qanunla münaqişədə olan uşaqların saxlandığı müəssisələr) planlı monitorinqlər, başçəkmələr həyata keçirmiş, müvafiq tədbirlər görülmüş və onların hüquqlarının pozulmasında günahkar olan şəxslər cəzalandırılmışdır.
Daxili işlər orqanlarının tərkibində fəaliyyət göstərən uşaq inspektorları  strukturunda islahatların aparılması yolu ilə uşaqlarla işin təşkili üzrə struktur bölmənin (idarənin) yaradılması, eyni zamanda uşağın polis orqanlarında dindirilməsindən əvvəl psixoloq tərəfindən onun psixoloji durumunun öyrənilməsi və dindirilmə zamanı digər şəxslərlə yanaşı, psixoloqun iştirakının təmin edilməsi məqsədilə prosessual qanunvericilikdə əlavə və dəyişikliklər edilməsi də zəruridir.
Qeyd edilənlərlə yanaşı, orta məktəblərdə uşaqlara qarşı zorakılıq hallarının, müəllim-şagird münasibətlərinin ictimai monitorinqi məqsədilə Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması məqsədəuyğundur.
Televiziya kanallarında zorakılığı, qəddarlığı, əxlaqsızlığı və hüquq pozuntularını birbaşa və ya dolayısı ilə təbliğ edən materialların, kino və verilişlərin saat 7.00-dan 22.00-a kimi nümayiş etdirilməsinə qadağa qoyulmasına ehtiyac vardır.
Alimentin ödənilməsinə dair məhkəmə qərarlarının icra olunmaması və ya icrasının gecikdirilməsi ilə bağlı hallar nəzərə alınaraq, bu sahədə mövcud problemlərin həll olunması məqsədilə 2009-cu ildən Müvəkkil ölkəmizdə “Aliment Fondu” yaradılması təklifini irəli sürmüş və ötən dövrdə qəbul olunan şikayətlər bu Fondun yaradılmasının vacib olduğunu göstərmişdir.
Cari ildə Müvəkkil tərəfindən BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının icrasına dair ilk paralel hesabat hazırlanaraq BMT-nin müvafiq saziş qurumuna göndərilmiş, hesabatda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı görülmüş işlər və onların problemlərinin aradan qaldırılması istiqamətində təkliflər yer almışdır.
Sağlamlıq imkanları məhdud uşaqlarda əlilliyin erkən aşkarlanması, profilaktikası sahəsində problemlər mövcuddur. Statistik göstəricilərə əsasən, 2013-cü ilin əvvəlində 62 min nəfər 18 yaşına qədər sağlamlıq imkanları məhdud uşaqlar var.
Respublikada fəaliyyət göstərən müvafiq tibb işçilərinin uşaqlarda əlilliyin erkən aşkarlanması, profilaktikası sahəsində təlimlərə və ixtisasartırma kurslarına cəlb edilməsi məqsədəmüvafiqdir.
Ölkə Prezidentinin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamına əsasən, yetkinlik yaşına çatmayanlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq vəsait ayrılmışdır.
BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) A/HRC/RES/22/32 saylı, 22 mart 2013-cü il tarixli qətnaməsinin 57-ci bəndi əsasında İHŞ-də uşaq hüquqları üzrə növbəti günlük müzakirələri nəzərə alaraq BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən “Uşaqların ədalət mühakiməsi sistemindən istifadə imkanı” sahəsində ünvanlanan suallar cavablandırılmış və müvafiq quruma göndərilmişdir.
Uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin yaxşılaşdırılması və onların daha effektiv müdafiəsinin təmin olunması məqsədilə Müvəkkil hər il olduğu kimi, bu il də BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” keçirmək təşəbbüsünü irəli sürmüşdür. Bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aylıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət ünvanlanmış, müxtəkif qurumlar tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-cı il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın (MFP) 4.4-cü bəndində ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi daxil edilmişdir.
Ötən dövrdə də bu sahədə fəaliyyət davam etdirilmiş, pilləli tədris Bakı şəhərinin 11 rayonunda olmaqla orta ümumtəhsil məktəblərində - Nizami rayonu 12 saylı, Sabunçu rayonu 22 saylı, Suraxanı rayonu 285 saylı, Xəzər rayonu 218 saylı, Xətai rayonu 204 saylı, Nərimanov rayonu 82 saylı, Səbail rayonu 239 saylı, Binəqədi rayonu 3 saylı, Qaradağ rayonu 288 saylı, Yasamal rayonu 308 saylı, Nəsimi rayonu 44 saylı orta məktəblərdə həyata keçirilmiş, uşaqdan-uşağa üsulu ilə uşaqların hüquqları tədris olunmuş, müntəzəm olaraq monitorinqlər keçirilmiş, yekunda uşaqlara və onlara dəstək verən müəllimlərə sertifikatlar verilmişdir.
MFP-nın icrası və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə bu il ölkənin hər bir şəhər və rayonunda ictimai dinləmələr keçirilmiş, bu zaman insan hüquqları ilə yanaşı, uşaq hüquqlarının təmini vəziyyətinə diqqətlə yanaşılmış, müzakirələr aparılmış, tövsiyələr hazırlanaraq səlahiyyətli orqanlara təqdim edilmişdir.
Müvəkkil və əməkdaşları uşaq hüquqları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təsisatın təcrübəsini bölüşmək məqsədilə ötən dövrdə də beynəlxalq tədbirlərdə iştirak etmişlər.
Təsisatın əməkdaşları cari ildə UNİCEF-in Şərqi, Mərkəzi Avropa və MDB ölkələri üzrə Regional Ofisi və Avropa Komissiyasının dəstəyi ilə Belçikanın Brüssel şəhərində keçirilən yuvenal ədliyyəyə dair konfransda, habelə İtaliyanın Milan şəhərində “İnklüziv Avropa quraq – uşaqların iştirakının töhfəsi” mövzusunda keçirilən Eurochild təşkilatının İllik Konfransında iştirak etmiş, bu sahədə olan fəaliyyət, habelə uğurlar və çətinliklər barədə məlumat vermişlər.
BMT-nin İnsan Hüquqları Şurası Universal Dövrü İcmal üzrə İşçi Qrupunun Azərbaycan üzrə 2013-cü ildə verdiyi hesabatında (A/HRC/24/13) uşaq hüquqlarına dair bir sıra təkliflər öz əksini tapmışdır, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyasının şikayətlərin verilməsi mexanizmi ilə bağlı Fakültativ Protokolunun imzalanması və ratifikasiya edilməsi tövsiyə edilmişdir. Müvəkkil adıçəkilən sənədin imzalanması və ratifikasiya edilməsi ilə bağlı müvafiq quruma müraciət etmişdir.
Qeyd edilməlidir ki, adıçəkilən Fakültativ Protokol 2014-cü il 14 yanvar tarixinədək artıq 10 ölkə tərəfindən ratifikasiya olunmuş və 3 aydan sonra qüvvəyə minəcəkdir.

Ahılların hüquqlarının müdafiəsi. Tənha, hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara evdə xidmət işinin keyfiyyətini yüksəltmək üçün Müvəkkilin tövsiyələri əsasında günərzi xidmət sahələrinin yaradılması, bu məqsədlə hər bir şəhər və rayonda xüsusi yerlərin ayrılması, onların asudə vaxtlarının səmərəli təşkili, bu kateqoriyadan olan vətəndaşların yaşayış yerlərinə yaxın ictimai iaşə müəssisələrinə təhkim edilərək gündə bir dəfə pulsuz yeməklə təmin olunması, onlara maddi köməklik göstərilməsi məqsədilə rayon (şəhər) icra hakimiyyətləri tərəfindən dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına təhkim olunması və  bu işin mütəşəkkil həyata keçirilməsinin təşkili məqsədilə yerli icra hakimiyyətləri nəzdində koordinasiya şurasının yaradılması barədə təkliflər hazırlanmışdır.
Müvəkkilin və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Beynəlxalq Ahıllar Günü”nə həsr edilmiş “Ahıllar milli-mənəvi dəyərlərimizin milli fondudur”, “Ahılların layiqli həyat səviyyəsinin təmini” mövzularında tədbirlər keçirilmişdir.
Dövlət qurumlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Müvəkkilin Ahılların Resurs Mərkəzində “Yaşlı insanların reabilitasiyası, qabaqlayıcı və şəfaverici xidmətlərdən faydalanması” mövzusunda tədbir təşkil edilmiş, bir sıra problemlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmış, təkliflər verilmişdir.
Ahılların mədəni istirahətini daha səmərəli təmin etmək məqsədilə Müvəkkilin təşkilatçılığı ilə onlar üçün muzeylərə, dənizkənarı bulvara, ziyarətgahlara, Qobustan tarix-təbiət qoruğuna, “Atəşgah”a, Botanika bağına, habelə respublikanın müxtəlif bölgələrinə, o cümlədən Quba, Xızı, Gəncə, İsmayıllı, Şamaxı və Xızıya xeyriyyə gəzintiləri təşkil olunmuş, tarixi və mədəni abidələrlə tanış olmuşlar.
Azərbaycan Milli Dram Teatrı və Azərbaycan Musiqili Komediya Teatrının rəhbərləri ilə Müvəkkilin razılaşması əsasında tamaşalara ödənişsiz baxmaq imkanının verilməsi də ahıllar tərəfindən yüksək dəyərləndirilmişdir.
Sağlam yaşlanmanın ahıl insanlar üçün mühüm əhəmiyyət kəsb etdiyini, eyni zamanda ahılların arzusunu nəzərə alaraq, Müvəkkilin təşəbbüsü ilə təsisatda “Sağlam yaşlanma” adlı kitab hazırlanmışdır.
Müqəddəs bayramlar ərəfəsində Müvəkkil Ahılların Resurs Mərkəzinin bir qrup üzvləri Bilgəh Qocalar Evinin sakinləri ilə görüşmüş, apardıqları sovqatları onlara vermişlər. Ahılların problemləri araşdırılaraq aidiyyəti qurumlara sorğular göndərilmiş, müəssisə rəhbərinə işin təkmilləşdirilməsinə dair tövsiyələr verilmişdir. Müvəkkilin müraciətindən sonra mövcud problemlər aradan qaldırılmışdır.
Ahılların Resurs Mərkəzində müntəzəm olaraq həkim, hüquqşünas və psixoloq tərəfindən məşğələlər keçirilir, məsləhətlər verilir, onları maraqlandıran suallar cavablandırılır.
Müvəkkilin Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə müraciətinə əsasən. dövlət təminatında yaşayan ahılların vəziyyətinin öyrənilməsi məqsədilə birgə monitorinqin keçirilməsi planlaşdırılmışdır.
Qanunvericiliklə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 yaş müəyyən edildiyi nəzərə alınaraq, işdən kənarlaşdırılan yaşlı kadrların təcrübə və bacarığından hüquqi, iqtisadi və ictimai, mənəvi, tərbiyəvi s. baxımdan yararlanmağa xidmət edən hüquqi mexanizmlərin yaradılmasına ehtiyac vardır.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi. Bu qəbildən olan insanların problemlərinin mümkün qədər həll edilməsi məqsədi ilə Müvəkkil tərəfindən cari ildə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə yönəlmiş müxtəlif tədbirlər təşkil edilmiş, aidiyyəti dövlət qurumları qarşısında bir sıra əhəmiyyətli təkliflər irəli sürülərək nəticəsi nəzarətdə saxlanılmış və bir çox hallarda həmin təkliflərdə əks olunmuş məsələlər müsbət həll olunmuşdur.
Müvəkkil Nazirlər Kabinetinə müraciət edərək, ölkəmizin BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulmaqla bu qəbildən olan insanlar üçün cəmiyyətin həyatında bərabər imkanların yaradılması məqsədilə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair bir sıra təklifələri diqqətə çatdırmış və mövcud problemlərin həlli məqsədilə zəruri tədbirlər görülmüşdür.
Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil qanunvericiliyinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, “İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət Proqramı”nın təsdiqi prosesinin sürətləndirilməsi, sosial xidmət müəssisələrinə əlavə ştat vahidlərinin verilməsi, “Ağıldankəm uşaqlar üçün internat evi” və başqa bu kimi müəssisələrin adının insan şəxsiyyətinə alçaldıcı təsir göstərdiyini və müasir standartlara uyğun olmadığını nəzərə alaraq, belə müəssisələrin adlarının dəyişdirməsi ilə bağlı təkliflər məhz bu qəbildəndir.
Nazirlər Kabineti tərəfindən müvafiq Konvensiya ilə dövlətimizin üzərinə götürdüyü öhdəliklərin və “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Müvəkkilin irəli sürdüyü həmin təkliflərin araşdırılması üçün aidiyyəti üzrə Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə və Maliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir.
Müvəkkil əlilliyi olan şəxslərin nəqliyyatdan istifadəsi ilə bağlı mövcud problemlərin həlli məqsədilə onların sərbəst, maneəsiz və təhlükəsiz hərəkət etməsi üçün Bakı şəhərində, habelə respublikanın digər şəhər və rayonlarında yeni tikiləcək piyada keçidlərinin hər birində müasir standartlara uyğun pandusların qurulması, hazırda mövcud olan belə obyektlərin həmin şəxslərin istifadəsi üçün uyğunlaşdırılması, əlil arabası ilə hərəkət edən fiziki məhdudiyyəti olan insanların da istifadə edə bilməsi üçün xüsusi şəraitə malik olan avtobusların sayının artırılması, yol kənarlarının və dayanacaqların əlil arabalarından istifadə edən şəxslər üçün maneəsiz və müyəssər olması məqsədilə şəraitin yaradılması, Bakı şəhərinin və respublikanın digər şəhər və rayonlarının intensiv küçə hərəkəti zonalarında gözdən əlillər üçün səsli işıqfor siqnallarının və həmin yollarda sürücülərin diqqətli olması üçün əlavə yol işarələrinin, habelə müvafiq yerlərdə pandusların quraşdırılması ilə bağlı təkliflərlə Nəqliyyat Nazirliyinə müraciət etmişdir.
BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində yaradılması nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarının Müvəkkil tərəfindən həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Müvəkkil Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi mexanizminin funksiyalarının icrasına daha səmərəli nail olmaq üçün beynəlxalq təcrübədən istifadə olunmaqla müvafiq Konstitusiya Qanununa zəruri əlavə və dəyişikliklər edilməsini, bu sahədə yeni səlahiyyətlərin müəyyən olunmasını, aparatın strukturunun təkmilləşdirilməsi (müvafiq struktur bölmənin yaradılması, maliyyə və kadr resurslarının artırılması və s.) təklifi ilə Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müraciət etmişdir.

II fəsil

Müvəkkilin hüquqi maarifləndirmə, elmi analitik iş və
beynəlxalq əlaqələr sahəsində fəaliyyəti, ictimaiyyətlə və
kütləvi informasiya vasitələri ilə
əməkdaşlığı

2.1. İnsan hüquqları sahəsində maarifləndirmə

İnsan hüquqlarının müdafiəsi, o cümlədən bu sahədə maarifləndirmə istiqamətində yeni mərhələ olan Milli Fəaliyyət Proqramında nəzərdə tutlmuş tədbirlərin icrası, təbliği və tətbiqinin müzakirəsi ilə bağlı Müvəkkil tərəfindən respublikamızın hər bir rayonunda ictimai dinləmələr ötən il də davam etdirilmişdir.
“18 iyun - Milli İnsan Hüquqları Günü”, “10 dekabr - Ümumdünya İnsan Hüquqları Günü”, “21 sentyabr - Beynəlxalq Sülh Günü”, 20 noyabr - Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi tarixləri ərəfəsində dövlət qurumlarının, rayon və şəhər icra hakimiyyətlərinin, vətəndaş cəmiyyəti təsisatlarını, icmaları cəlb etməklə Müvəkkilin təşəbbüsü ilə elan olunan aylıqlar çərçivəsində tədbirlər həyata keçirilmiş, müvafiq dövlət qurumlarında, təhsil ocaqlarında insan hüquqlarına dair seminar və treninqlər təşkil olunmuşdur.
Artıq Bakı Dövlət Universitetində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənləri, insan hüquqlarının bir fənn kimi bakalavr və magistr pilləsində proqram əsasında tədrisi davam etdirilmişdir.
Hüquq klinikalarının fəaliyyətinin gücləndirilməsi məqsədilə təsisatda müxtəlif səpkili tədbirlər keçirilmişdir.
Müvəkkilin təşəbbüsü ilə yaradılmış Uşaq hüquqları Klinikası öz fəaliyyətini daha da təkmilləşdirilmiş, klinikaya daxil olmuş müraciətlər əsasında uşaqların qanuni mənafeyinin müdafiəsi, məhkəmələrdə təmsilçilik, uşaq hüquqları sahəsində yerlərdə hüquqi maarifləndirmə işi təşkil olunmuşdur.
Təsisatda yaradılmış «İnsan hüquqları sahəsində xüsusi qısamüddətli təhsil şəbəkəsi»ndə Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Slavyan Universitetinin, Azərbaycan Dillər Universitetinin tələbələri ardıcıl şəkildə cəlb olunmaqla istehsalat təcrübəsi keçmişlər.
Ali təhsil müəssisələrində, hərbi tədris ocaqlarında, müvafiq akademiyalarda tələbə və müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, müxtəlif dövlət qurumlarının məmurlarına ünvanlanan ardıcıl seminarlar təşkil olunmuşdur ki, bu da insan hüquqları mədəniyyətinin təbliğinə xidmət etmişdir.
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində müntəzəm fəaliyyət göstərən, «Liderlik məktəbi»ndə uşaq və gənclərin öz hüquqlarını öyrənməsinə və bu hüquqları yaşıdlarına ötürməsinə, onlarda vətənpərvərlik hissinin aşılanmasına, uşaqların liderlər kimi formalaşmasına xidmət etmişdir.
Müvəkkilin respublikanın müxtəlif regionlarını əhatə edən Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri də əhalinin müxtəlif qruplarına ünvanlanan geniş hüquqi maarifləndirmə tədbirləri həyata keçirmişlər.
Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində həyata keçirilən Uşaq hüquqlarının pilləli tədrisi Bakı şəhərində və regionlarda beş tədris ilidir ki, geniş şəkildə tətbiq olunmaqdadır. 8 rayon üzrə 24 orta ümumtəhsil məktəbində uğurla həyata keçirilən pilləli tədris sistemi uşaq hüquqlarının tədrisi baxımından müsbət təcrübə formalaşdırmaqla yanaşı, uşaqlara cəmiyyətin həyatında iştirakçılıq bacarıqlarını aşılayır.
Bakı şəhərinin 11 orta ümumtəhsil məktəbində bu proqram üzrə tədirs yekunlaşdırılmış və müntəzəm fəaliyyət göstərən “Uşaq hüquqlarının tədrisi mərkəz”ləri yaradılmışdır.
Pilləli tədris proqramı Bakı şəhəri ilə yanaşı, regionlarda da həyata keçirilməklə uşaq hüquqlarının effektiv müdafiəsinə və təbliğinə öz töhfəsini verir.
Müvəkkilin təşəbbüsü ilə uşaqların hüquqi biliklərinin inkişaf etdirilməsi, onların yaradıcılıq bacarıqlarının üzə çıxarılması məqsədilə yuxarıda göstərilən tarixlərdə müsabiqələr təşkil edilmiş, qalib uşaqlara sertifikatlar və hədiyyələr verilmişdir.
Gender bərabərliyi, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin təmin olunması mövzusunda qadınlara ünvanlanan geniş maarifləndirmə işi həyata keçirilmişdir. BMT-nin Əhali Fondu ilə birlikdə keçirilən silsilə tədbirlər bu qəbildən olmuşdur.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Beynəlxalq Koordinasiya Komitəsi ilə qurulmuş əməkdaşlıq nəticəsində Azərbaycanda məcburi köçkünlərlə İştirakçı Qiymətləndirmə üzrə Proqram çərçivəsində BMT QAK-ın Bakı ofisində görüşlər keçirilmiş, seminar təşkil olunmuşdur.
ATƏT-lə səmərəli əməkdaşlıq çərçivəsində onun Bakı Ofisi və Avropa Şurası ilə əməkdaşlıqda “Tutulma və həbsə dair beynəlxalq standartlar”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiqi və pis rəftara qarşı mübarizə” mövzusunda təlimlər keçirilmişdir.
İl ərzində dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti təsisatlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə ardıcıl olaraq ahılların sosial problemlərinə, onların həlli yollarına və Avropa Sosial Xartiyasına qoşulmağın əhəmiyyətinə, habelə sağlam həyat tərzinə və vərdişlərin aşılanmasına dair tədbirlər keçirilmişdir.
Ahılların maarifləndirilməsi işinin təşkilində Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində yaradılmış Müvəkkilin Ahılların resurs mərkəzinin imkanlarından müntəzəm olaraq istifadə edilmişdir.
Respublikamızın müxtəlif regionlarında həyata keçirilən tədbirlər və insan hüquqları ilə bağlı əlamətdar günlər ərəfəsində Müvəkkil və aparatın əməkdaşları regionlarda məcburi köçkünlərə ünvanlanan hüquqi maarifləndirmə işini davam etdirmişlər.
Müxtəlif hərbi hissələrdə müntəzəm həyata keçirilən tədbirlər zamanı şəxsi heyətlə fərdi və kollektiv görüşlər keçirilmiş, andiçmə mərasimlərində iştirak edilməklə zabitlərə və gənc əsgərlərə tövsiyələr verilmişdir.
Görüşlərdə məqsəd, eyni zamanda əsgər və zabitlərə onların hüquq və vəzifələrinin daha geniş izahı üzrə maarifləndirmə işi aparmaq olmuşdur.
Milli Preventiv Qrupun üzvləri azadlığın məhdudlaşdırıldığı müəssisələrə başçəkmələr həyata keçirərkən orada əməkdaşlara və saxlanılan şəxslərlə insan hüquqlarının təbliği baxımından hüquqi maarifləndirmə işi aparmış, onlara hüquqlarını izah etmişlər.
HİV/AİDS-ə qarşı mübarizə sahəsində də maarifləndirmə məqsədilə Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə ardıcıl hazırlanan birgə tədbirlər proqramı əsasında geniş səpkili maarifləndirmə tədbirləri keçirilmiş, regionlarda yerli televiziyaların və kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilmişdir.
Müvəkkilin hüquqi maarifləndirilmə işi çərçivəsində 122 adda nəşr hazırlanmış, insan hüquqlarına və layiqli idarəetməyə dair 20-dən artıq xarici ədəbiyyat Azərbaycan dilinə tərcümə olunaraq yayılmışdır.
Hüquqi nəşrlər silsiləsində 2013-cü ildə Müvəkkilin ümumi redaktəsi ilə “Uşaq hüquqları üzrə Pilləli tədrislə bağlı seçilmiş mövzular”, “Uşaq Hüquqlarının Əlifbası”, “Uşaq hüquqları - hamı üçün”, Bakı Dövlət Universitetində tədris olunan insan hüquqları fənninə dair “İnsan hüquqları üzrə mühazirələr toplusu”, ilk dəfə olaraq “Azərbaycan-rus-ingilis” və “İngilis-rus-Azərbaycan” hüquq terminləri lüğətləri hazırlanaraq nəşr edilmiş və oxucuların istifadəsinə verilmişdir.
Hüquqi maarifləndirmə işinin effektivliyini artırmaq məqsədi ilə Müvəkkilin ümumi redaktəsi ilə müxtəlif adda insan hüquqlarına dair vəsaitlər, o cümlədən informasiya bülletenləri çap olunaraq geniş əhali kütləsi arasında yayılmış, habelə təşkilatın saytında yerləşdirilmişdir.


2.2. Elmi-analitik işin təşkili

İnsan hüquqlarının müdafiəsi sahəsində elmi-analitik fəaliyyətin tərkib hissəsi kimi ötən il Müvəkkil tərəfindən müvafiq normativ-hüquqi aktlara, dövlət proqram və planlarına, qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı Milli Məclisdən, dövlət orqanlarından, qeyri-hökumət təşkilatlarından daxil olmuş layihələrə dair rəy və təkliflərin işlənib hazırlanması, bəzi normativ-hüquqi aktların müvafiq müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə sorğuların verilməsi, əhalinin müxtəlif qruplarının sosial təminatının gücləndirilməsi və reabilitasiyası üzrə, habelə bəzi beynəlxalq hüquqi aktlara ölkəmizin qoşulması barədə təkliflərin hazırlanması və aidiyyəti orqanlara göndərilməsi, təsisata ünvanlanmış elmi xarakterli sənədlərə və nəticələrə rəy və təkliflərin verilməsi, bir çox başqa məsələlər üzrə iş həyata keçirilmişdir.
Milli Fəaliyyət Proqramı və “Azərbaycan 2020:  gələcəyə baxış” İnkişaf Konsepsiyası müqayisəli şəkildə təhlil edilərək, biri-biri ilə qarşılıqlı surətdə bağlı olan hər iki strateji sənədin icrasına nail olmaq üçün kompleks vəzifələr müəyyənləşdirilmiş, müvafiq tədbirlər haqqında məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir.
“Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın (2009-2013-cü illər) icra müddətinin başa çatması nəzərə alınaraq, növbəti dövr üzrə yeni Milli Fəaliyyət Planının hazırlanması məqsədilə müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə təqdim edilmişdir.  
Avropa Sosial Xartiyasının (Dəyişdirilmiş) əmək hüquqlarına aid maddələri (maddə 4 (əməyin ədalətli ödənilməsi hüququ), maddə 5 (təşkilatlanma hüququ), maddə 6 (kollektiv müqavilələr bağlamaq hüququ), maddə 21 (məlumat və məsləhət hüququ), maddə 22 (əmək şəraiti və iş mühitinin müəyyənləşdirilməsi və təkmilləşdirilməsində iştirak etmək hüququ), maddə 26 (iş yerində ləyaqəti qorumaq hüququ), maddə 28 (müəssisələrdə işçi nümayəndələrinin müdafiə və güzəştlər hüququ) və maddə 29-cu (ştat ixtisarı üzrə kollektiv surətdə işdən çıxarılma zamanı işçilərin məlumatlandırılması və onlarla məsləhətləşmək hüququ)) üzrə 2009-2012-ci illəri əhatə edən hesabatın hazırlanmasında istifadə olunması məqsədilə müfəssəl arayış tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.
Aparılmış təhlillərin nəticəsi olaraq, Müvəkkil insan hüquq və azadlıqlarına zəmanət verən, ölkəmizin iştirakçısı olmadığı mühüm beynəlxalq müqavilələrə, o cümlədən ölkəmiz tərəfindən 2003-cü il 12 noyabr tarixində imzalanmış “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 12 saylı Protokoluna, 2001-ci il 21 dekabr tarixində imzalamış “Avropa Şurasının regional və ya azlıq dilləri haqqında” Avropa Xartiyasına qoşulmağı məqsədəuyğun hesab edir.
Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Mənzil məcəllələrinin, o cümlədən əlillik, pensiyalar və sosial müavinətlər, sosial xidmət və s. problemlərlə bağlı qanunvericilik aktlarının monitorinqi həyata keçirilmişdir.
Miqrasiya Məcəlləsi layihəsinə, “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsinə dair çoxsaylı rəy və təkliflər hazırlanmış və aidiyyəti üzrə göndərilmişdir.
Vergi Məcəlləsinin 164.1.13-cü maddəsinə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, habelə Cinayət-Prosessual Məcəlləsinin 460.0.4-cü maddəsinə dair müvafiq rəylər hazırlamışdır.
“İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”na dair Qərar layihəsinə, “Həbs yerlərinin daxili intizam qaydaları”nın və “Müvəqqəti saxlama yerlərinin daxili intizam qaydaları”nın layihələrinə, “Məşğulluğa kömək göstərən respublika əlaqələndirmə komitəsinin yaradılması haqqında” qərar layihəsinə, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nın layihəsinə dair müvafiq rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə ünvanlanmışdır.
Müvəkkilin ünvanına Milli Məclisdən, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsindən müxtəlif normativ-hüquqi aktlara əlavə və dəyişikliklər edilməsinə dair layihələrə rəy və təkliflər verilməsi ilə bağlı daxil olmuş muraciətlər cavablandırılmışdır.
Konstitusiya Məhkəməsinə sorğülar Ailə Məcəlləsinin 182.1 və 17.2.3-cü maddələri, Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsi ilə bağlı olmuşdur:
Müvəkkilin Konstitusiya Məhkəməsinə ümumilikdə ünvanladığı 26 sorğudan on beşi üzrə adıçəkilən qurumun Plenumu tərfindən baxılaraq qərarlar qəbul edilmiş, doqquz iş üzrə Palata tərəfindən istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edən genişləndirici şərhləri özündə ehtiva edən qərardadlar qəbul edilmişdir.
Müvəkkilin və əməkdaşlarının elmi-analitik sahədəki çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlərdə iştirak, habelə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təmininə yönəlmiş çoxsaylı mülahizə, rəy, təklif və bəyanatlarla çıxış etməklə bağlı olmuşdur.
Beynəlxalq təşkilatlar, dövlət orqanları və vətəndaş cəmiyyətləri tərəfindən Ombudsmanın ünvanına daxil olmuş müxtəlif xarakterli sənədlərin icrası istiqamətində elmi təhlillərin aparılması və cavablandırılması kimi nəzəri və praktiki məsələlər aktual olaraq qalmaqdadır.


2.3.  İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq. Müvəkkil vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Universal Dövri İcmal (UDİ) prosesi üzrə tövsiyələrin icrası vəziyyətinin monitorinqini aparmış, keçirilmiş ictimai dinləmələr zamanı bu barədə iştirakçılara ətraflı məlumat vermişdir. Müvəkkil  dövlət qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin UDİ üzrə dolğun informasiyaya malik olması üçün beynəlxalq ekspertlərin və regional koordinatorların iştirakı ilə maarifləndirmə tədbirləri keçirmişdir.
BMT İnsan Hüquqları Şurasının müvafiq qətnaməsinə uyğun olaraq, UDİ mexanizmi üzrə əlavə məruzə hazırlanmış və BMT-yə göndərilmiş, həmçinin 2013-cü ildə Azərbaycan hökumətinin UDİ üzrə ikinci dövri hesabatının dinlənilməsi prosesində Müvəkkilin nümayəndəsi iştirak etmişdir.
İl ərzində dövlət orqanları, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyanaməsinin 65 illiyinə həsr olunmuş və Polis Akademiyası ilə birgə “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda tədbirlər keçirilmişdir.
Uşaq hüquqlarının öyrənilməsi, tədrisi və təbliğində iştirakını diqqətdə saxlayır, habelə Müvəkkilin uşaq hüquqları üzrə də ixtisaslaşmış müşaviri fəaliyyət göstərir.
Ümummili Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları” mövzusunda elmi-nəzəri, habelə “Heydər Əliyev və müstəqil Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki, eyni zamanda “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın 65 illiyinə həsr olunmuş konfranslar keçirilmişdir.

Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq. Müvəkkilin Mətbuat xidməti öz işini yazılı və inkişaf etməkdə olan elektron KİV-lə, habelə Milli Teleradio Şurası, Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, İctimai televiziya və radio, yeni jurnalist qurumları ilə sıx əlaqələr və əməkdaşlıq şəraitində qurmuşdur.
Aparatda aşkarlığa, əyaniliyə,  jurnalistlərlə səmərəli əməkdaşlığa üstünlük verilmiş, müxtəlif mövzular üzrə mətbuat konfransları keçirilmiş, media nümayəndələrinin diqqəti təsisatın pozulmuş insan hüquq və azadlıqlarının bərpası və təmini sahəsində fəaliyyətinə yönəldilmişdir.
Müvəkkil informasiya sahibi olan dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri ilə keçirilmiş məsləhətləşmədə 2013-cü ilin ölkə Prezidenti tərəfindən Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyalar ili” elan edilməsinin önəm kəsb etdiyini söyləmişdir. Təsisatda “Hüquqlarını bil və faydalan!” adlı yaddaş kitabçası hazırlanmış və media nümayəndələri arasında yayılmış, informasiya sahibləri olan dövlət qurumlarının mətbuat xidmətləri barədə məlumat bankı tərtib  edilmişdir.
İnformasiya əldə etmək hüququ ilə bağlı müraciətlər  təhlil olunmuş, müvafiq qurumlara sorğular göndərilmiş, Müvəkkilin müvafiq səlahiyyətləri çərçivəsində həmin müraciətlərin həlli üçün tədbirlər görülmüş, cavablandırılmışdır.
İnformasiya sahibi olan müvafiq dövlət qurumlarından Müvəkkilin ünvanına daxil olmuş məlumatlar təhlil edilmiş, ümumiləşdirilmiş  və bununla bağlı arayış hazırlanmışdır.  Növbəti monitorinqin nəticələri göstərmişdir ki, sözü gedən sahədə işin təkmilləşdirilməsi istiqamətində irəliləyiş əldə olunmuşdur.
Berlində keçirilən İnformasiya Ombudsmanlarının 8-ci Beynəlxalq konfransında iştirak edən aparatın şöbə müdiri “Azərbaycan Ombudsmanının informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti və KİV-lə əməkdaşlığı” mövzusunda çıxış etmişdir.
“İnternyus Azərbaycan” İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilmiş dəyirmi masada aparatın mətbuat xidmətinin rəhbəri çıxış edərək, Müvəkkilin mandatının genişləndirilməsi, KİV-lə əməkdaşlığı, təsisatda silsilə məsləhətləşmələr, hüquq mövzusunda yazan jurnalistlərin peşə hazırlığının təkmilləşdirilməsi barədə ətraflı məlumat vermişdir.
Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilmiş "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfransda Müvəkkil təklif və tövsiyələrlə çıxış etmişdir.
Müvəkkilin fəaliyyəti barədə 2013-cü il dekabrın 31-dək ümumilikdə 9.482, 2013-cü ildə isə 395  məqalə və informasiya dərc edilmişdir. Fəaliyyət dövrü ərzində Müvəkkilin Mətbuat xidməti 3.080 press reliz hazırlamış, bunlardan 273-ü  2013-cü ilə aiddir. Həmin press relizlər  ingilis dilinə çevrilərək Avropa Şurasına göndərilmişdir. Müvəkkilin  regional mərkəzlərinin  insan hüquqları sahəsində fəaliyyəti ilə də bağlı press relizlər hazırlanmış və yayımlanmışdır. Müvəkkil 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanlıların Soyqırımı günü, Şuşanın işğalı və digər mühüm hadisələrlə bağlı ümumilikdə 52 bəyanat vermiş, 2013-cü ildə 7 bəyanat nüfuzlu beynəlxalq qurumlara ünvanlanmışdır.
Müvəkkilin fəaliyyəti barədə iki sənədli film nümayiş etdirilmişdir. Videotekada 660-dək videolent yazısı və 150-dək audiokaset saxlanılır. Aylıq İnformasiya bülletenlərinin 108 sayı, o cümlədən son ildə 12 sayı hazırlanmış, üç kitabda toplanaraq nəşr edilmişdir.
2.4. Beynəlxalq əlaqələr

Müvəkkil xarici həmkarları ilə əməkdaşlığın daha da gücləndirilməsi, yeni əlaqələrin qurulması, insan hüquqlarının səmərəli müdafiəsi və təbliği sahəsində beynəlxalq təcrübənin dərindən öyrənilməsi, bunun ölkədə tətbiqi yollarının araşdırılması, habelə yeni mexanizmlərin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.
 Müvəkkilin təşəbbüsü ilə ötən il keçirilən beynəlxalq tədbirlər həm daxili, həm də xarici qurumların diqqət mərkəzində olmuşdur. Belə ki, Müvəkkilin UNESCO-nun dəstəyi ilə 2013-ci il 18-20 iyun tarixlərində ənənəvi olaraq Milli İnsan Hüquqları Gününə və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyinə həsr edilmiş “Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafiəsində və təbliğində rolu” mövzusunda Ombudsmanların XI Bakı Beynəlxalq konfransı keçirilmişdir. Konfransda Kanada, Türkiyə, Niderland, Bolqarıstan, Estoniya, Gürcüstan, Moldova, Pakistan, Rusiya Federasiyası və onun subyektləri - Moskva, Volqoqrad, Voronej, Kabardin-Balkar, Kaluqa vilayətləri, Tatarstan və Dağıstan respublikalarından təmsilçilər, habelə dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının, beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələri iştirak etmişlər.
Müvəkkil Aparatı BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMT-nin Əhali Fondunun (UNFPA) ölkəmizdəki nümayəndəliyi ilə birlikdə milli prioritetlərə və strategiyalara əsaslanan 2015-ci ildən sonrakı dövr üçün Minilliyin İnkişaf Məqsədləri, habelə 2014-cü ildən sonrakı dövr üçün Qahirə Konfransının global tövsiyələrinin təqdimatı məqsədilə 2013-cü ilin 19 və 26 aprel tarixlərində əhali və inkişaf məsələləri üzrə milli müzakirələr keçirmişdir.
Regionlarda geniş ictimaiyyətin iştirakı ilə “21 - sentyabr Beynəlxalq Sülh Günü”, “24 oktyabr – BMT Günü”, “1 dekabr - Beynəlxalq QİÇS-lə Mübarizə Günü”nə, Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə “18 dekabr-Beynəlxalq Miqrant Günü”nə həsr edilmiş konfrans və dəyirmi masalar, dövlət qurumlarının iştirakı ilə “Azərbaycan Respublikasının BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) üzrə ikinci dövri məruzəsinə dair verilmiş tövsiyələrin həyata keçirilməsi” mövzusunda tədbirlər təşkil edilmişdir.
Müvəkkilin ölkəmizin üzv olduğu beynəlxalq təşkilatlarla əməkdaşlığı da uğurla davam etdirilmişdir. BMT və onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edən Müvəkkil Avropa Birliyinin Şərq Tərəfdaşlığı və Tvinning layihələrində, habelə digər proqramlarda fəal iştirak etmişdir.
2012-ci ildə Beynəlxal Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən icrasına başlanılmış “Azərbaycandakı miqrantların hüquqlarını qoruyan effektiv mexanizmlərin yaradılması” layihəsi çərçivəsində yaradılmış müvafiq İşçi Qrupuna Müvəkkilin səlahiyyətli nümayəndəsi üzv seçilməklə bu istiqamətdə səmərəli fəaliyyət göstərilmişdir. Layihə çərçivəsində təsisatda beynəlxalq ekspertlərin iştirakı ilə çoxsaylı görüşlər keçirilmiş, müzakirələr aparılmış, Dövlət İdarəçilik Akademiyasında mövzu üzrə “Təlimçilər üçün Təlim Proqramı” adlı kurslar keçirilmiş və əldə olunmuş biliklər əsnasında 2013-cü ilin iyul-avqust aylarında Bakıda və ətraf rayonlar da əhatə olunmaqla Xaçmaz, Quba, Şəki və Yevlax şəhərlərində dövlət qulluqçuları üçün təlimlər keçirilmişdir.
Müvəkkil 2009-2013-cü illər üzrə “Şərq Tərəfdaşlığı” ölkələrinin ombudsmanları arasında əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə, o cümlədən Brüsseldə Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin təşəbbüsü ilə Avropa Birliyinin və Şərq Tərəfdaşlığı ölkələri ombudsmanlarının “Biznes və İnsan hüquqları üzrə rəhbər prinsiplərin implementasiyasında Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusuna həsr olunmuş ikinci Sammitdə, Şərq Tərəfdaşlığı ölkələrinin ombudsmanları arasında əməkdaşlığa dair proqram çərçivəsində Ukraynanın Kiyev şəhərində keçirilən seminarda iştirak etmişlər.
Müvəkkil Beynəlxalq Ombudsmanlar İnstitutunun, Avropa Ombudsmanlar İnstitutunun və Asya Ombudsmanlar Assosiasiyasının institusional üzvü kimi bu təşkilatlar tərəfindən keçirilən tədbirlərdə fəal iştirak etmiş, təcrübə mübadiləsi aparmış, əldə etdiyi müsbət təcrübəni diqqətə çatdırmaqla həmin qurumların işinə öz töhfəsini vermişdir.
Müvəkkil və təsisatın əməkdaşları müxtəlif beynəlxalq tədbirlərdə bir sıra aktual problemlərə dair məruzələrlə çıxışlar etmiş, insan hüquqlarının ayrı-ayrı sahələrinə dair geniş fikir və təcrübə mübadilələri aparmışlar.
Bütün beynəlxalq tədbirlərdə olduğu kimi, MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının birgə təşkilatçılığı ilə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş “Sərhədsiz Avropanın yaradılmasında parlament təşkilatlarının rolu” mövzusuna həsr olunmuş beynəlxalq konfransdakı çıxışında Müvəkkil ölkəmizdə insan hüquqlarının təmini vəziyyəti, müvafiq sahədə fəaliyyəti, dövlət orqanları, o cümlədən parlamentlə təsisat arasında əməkdaşlıq əlaqələrinin qurulması, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində işgüzar münasibətlərin formalaşması barədə ətraflı məlumat vermiş, təşkilatçı qurumların və iştirakçıların diqqətini insanların sülh şəraitində yaşamaq, inkişaf etmək kimi kollektiv hüquqlarının təmin olunmasının zəruriliyinə cəlb etmiş, hərbi münaqişələrin sülh yolu ilə həlli, belə ağır zamanda və sonrakı dövrdə milyonlarla ziyan çəkən insanın hüquqlarının gerçəkləşdirilməsi, pozulmasının qarşısının alınması ilə bağlı tədbirlərin öz gələcək planlarında nəzərə alınmasını tövsiyə etmiş, bunun həm də Avropada vahid hüquq və humanitar məkan baxımından mühüm əhəmiyyət kəsb etdiyini əsaslandırmışdır.
Müvəkkil ötən il təsisatda xarici ölkələrin və beynəlxalq qurumların rəsmi nümayəndələrini, o cümlədən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlərini, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrini və bir çox xarici ekspertləri qəbul etmiş, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri, bu sahədə beynəlxalq təcrübə, habelə mövcud təcrübə və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Nəticə və tövsiyələr

Azərbaycan Respublikasında sosial yönümlü iqtisadiyyatın inkişafı, bütün sahələrdə həyata keçirilən islahatlar, onların uğurlu nəticələri xalqımızın rifahının yüksəldilməsinə xidmət etməkdədir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi naminə dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında mövcud olan əməkdaşlıq daha da inkişaf etdirilmişdir ki, bu da ölkənin tərəqqisinə və cəmiyyətin rifahına xidmət etmişdir.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikamızın qədəm qoyduğu yeni inkişaf mərhələsinin əsas hədəfi olan çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasında, sosial sahədə önləyici inkişaf tendensiyasının təmin olunmasında, əhalinin rifahının layiqli səviyyəyə çatdırılmasında, habelə elmin, mədəniyyətin inkişafında, böyük uğurlar əldə edilməsində daha önəmli əhəmiyyət daşımaqdadır.
Son on ildə respublikanın şəhər və rayonlarında əhalini narahat edən problemlərin həlli istiqamətində görülmüş geniş həcmli işlər, təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlərin, o cümlədən məktəblərin, xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin, bərpa mərkəzlərinin, səhiyyə-kurort müəssisəsilərinin, olimpiya idman komplekslərinin, tarixi-mədəniyyət ocaqlarının açılması, yeni istehsal və emal müəssisələrinin yaradılması, əlil və şəhid ailələri üçün yaşayış binalarının inşa edilməsi, modul tipli elektrik stansiyalarının tikilməsi, sutəmizləyici qurğuların quraşdırılması, avtomobil yollarının çəkilməsi və körpülərin salınması, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq və abadlıq işlərinın aparılması, yüz minlərlə yeni iş yerlərinin açılması, əməkhaqlarının, pensiya və müavinətlərin artırılması bir daha göstərmişdir ki, ölkəmizin sosial-iqtisadi siyasətinin hədəfində insan və onun maraqları durur.
Ölkəmizdə insan hüquqlarının davamlı, sistemli və ardıcıl inkişafı istiqamətində, o cümlədən demokratik təsisatların və yeni mexanizmlərin yaradılması istiqamətində gedən proseslər daha da intensivləşməkdədir.
Həqiqətən bu müddət ərzində dövlət büdcəsinin dəfələrlə artması, yeni iş yerlərinin açılması, işsizliyin və yoxsulluğun səviyyəsinin azaldılması, milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlər sırasına qalxması ötən ilin ən mühüm nəticələrindəndir.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və Milli Fəaliyyət Proqramı ilə yanaşı, həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının gerçəkləşdirilməsi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasına, sosial sahədə önləyici inkişafın təmin olunmasına, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasına, ümumilikdə insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına yeni imkanlar yaradacaq və etibarlı müdafiəsinə xidmət edəcəkdir.
Əhalinin sosial vəziyyətinin və yaşayış səviyyəsinin getdikcə yüksəlməsi nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə böyük imkanlar yaradılmışdır.
 Ötən dövrlərdə Müvəkkilin insan hüquqlarının səmərəli təmin edilməsi, habelə əhalinin qayğıya daha çox ehtiyacı olan aztəminatlı qruplarının sosial-iqtisadi problemlərinin kompleks həllinə yönəlmiş bir çox təklif və tövsiyələri müvafiq qanunvericilik aktlarında, habelə ölkədə sosial-iqtisadi sahələrdə həyata keçirilmiş tədbirlər çərçivəsində öz həllini tapmışdır.
 Müvəkkilin müvafiq təkliflərinin nəzərə alınması da insan hüquqlarının təmin olunmasının və etibarlı müdafiəsinin səmərəsinin artırılmasına xidmət etmişdir.
Bundan əvvəlki illik məruzələrdə nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə öz əksini tapmış, habelə səlahiyyətli dövlət qurumlarına göndərilmiş bir sıra sahələr üzrə təklif və tövsiyələrin, xüsusilə ASAN xidmətinin tətbiqi, ünvanlı dövlət sosial yardımlarının təyin olunması və verilməsi üzrə mexanizmlərin yenidən hazırlanması üzrə tədbirlərə başlanılması, orduda mühüm islahatların keçirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması üzrə mühüm institusional tədbirlərin həyata keçirilməsi demokratik idarəetmənin və dövlət-vətəndaş münasibətlərinin təkmilləşməsi, süründürməçiliyin, bürokratik əngəllərin aradan qaldırılması üçün geniş real imkanlar yaratmışdır.
Qeyd edilənlərlə yanaşı, insan hüquqlarının daha səmərəli təmin edilməsi, o cümlədən sosial sahədə mövcud olan bəzi problemlərin həlli məqsədi ilə bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir.
Müvəkkil illik məruzələrində irəli sürülmüş, səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş və əhalinin, eləcə də aztəminatlı ailələrin və qayğıya daha çox ehtiyacı olan qrupların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə aşağıdakıları təklif edir:

- Azərbaycan Respublikası daxili işlər nazirinin 2010-cu il 30 oktyabr tarixli, 480 saylı əmri ilə təsdiq edilmiş “Polis orqanlarının inzibati həbs olunanların saxlanılma məntəqələri haqqında Əsasnamə”də öz əksini tapmış müddəaların “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunlaşdırılması;

- “İnzibati qaydada həbs olunmuş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” müvafiq qanunun hazırlanması;

- Qanunvericilikdə inzibati həbs müddətlərinin 15 gündən 3 ayadək uzadılması ilə əlaqədar dəyişikliklər nəzərə alınaraq, müvafiq şəraitin (ibadət və görüş otaqlarının yaradılması, televizorların quraşdırılması, saxlanılan şəxslərə gündəlik qəzetlərin verilməsi və s.), habelə regional müvəqqəti saxlanılma yerlərinin yaradılması;

- Müvəqqəti saxlanılma yerlərində xidmət edən polis əməkdaşları sırasına qadınların cəlb edilməsi;

- “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli, 352-IVQ saylı Qanununun və digər əlaqəli qanunvericilik aktlarının müvəqqəti saxlanılma yerlərinin əməkdaşları tərəfindən tətbiqinə nəzarətin gücləndirilməsi, həmçinin bununla bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi;

- Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarının Azərbaycan Respublikasının  2010-cu il  11 may tarixli, 1003-IIIQ saylı Qanunu ilə ratifikasiya edilmiş Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 saylı Konvensiyasına (23 iyun 1981-ci il, Cenevrə şəhəri) uyğunlaşdırılması;

- Xaricdən dəvət edilən həkimlərin fəaliyyətinə nəzarətin artırılması məqsədilə Miqrasiya Məcəlləsinin 65-ci maddəsində iş icazəsinin verilməsi üçün tələb olunan sənədlər siyahısına Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli, 5 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”na əsasən, Səhiyyə Nazirliyi tərəfindən bu növ fəaliyyətlə məşğul olmağa icazə barədə verilmiş şəhadətnamənin də əlavə edilməsi;

- Psixi xəstəliklərin diaqnostikası, müalicəsinin və profilaktikasının, xəstələrin saxlanılma şəraitinin və onlarla rəftarın Avropa Minimum Standartlarına uyğunlaşdırmaqla təkmilləşdirilməsi, psixonevroloji müəssisələrin binalarının təmiri və ya yenilərinin tikilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin müvafiq preparatlarla təmin olunması, psixonevroloji müəssisələrin kadr potensialının gücləndirilməsi məqsədilə müvafiq Tədbirlər Proqramının hazırlanması və tətbiq edilməsi;

- Pasientlərin hüquqlarının müdafiəsini özündə əks etdirən qanun layihəsinin qəbul olunmasının sürətləndirilməsi;

- Müayinə və müalicə işinə, habelə profilaktik tədbirlərə nəzarətin gücləndirilməsi, eyni zamanda tibb müəssisələrinin idarə edilməsi işinin təkmilləşdirilməsi məqsədilə respublika üzrə dövlət tibb, o cümlədən psixonevroloji müəssisələrin maliyyələşdirilməsinin Səhiyyə Nazirliyinə həvalə edilməsi;

- İcbari tibbi sığorta ödənişlərinin həcminin və ödəmə mənbəyinin, bundan asılı olaraq dövlət tərəfindən vətəndaşlara pulsuz göstərilən tibb xidmətlərinin baza zərfinin də müəyyən edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının sürətləndirilməsi;

- Təlim-tərbiyə və tədris prosesinə nəzarətin, habelə bu sahədə vertikal idarəetmənin gücləndirilməsi məqsədilə rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), həmçinin respublika üzrə bütün təhsil müəssisələrinin maliyyələşdirilməsinin Təhsil Nazirliyinə həvalə edilməsi;

- İnternat tipli müəssisələrdə tərbiyə alan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, müvafiq yaş həddinə çatdıqda oranı tərk edən uşaqların təhsilinin davam etdirilməsinə, yaşayış və iş yeri ilə təmin edilməsinə yönəlmiş məqsədli dövlət proqramının qəbul edilməsi;

- Güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğun artırılması, vətəndaş, xüsusilə gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğin minimuma endirilməsi və ya ləğv edilməsi, kreditin ödənilməsi müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslər siyahısının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli, 515 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi;

- Hövsan, Binə və Ramanı südçülük sovxozlarında, habelə Bakı şəhərinin «Alatava», «Zığ», «Vorovski», «Xutor», «NZS», «UPD», «Keşlə» və digər bu kimi ərazilərdə, həmçinin bələdiyyələrin fəaliyyətə başladığı vaxtdan etibarən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin texniki inventarlaşdırılması və bu tikililər üzərində hüquqların qeydiyyatı probleminin həlli məqsədilə hüquqi mexanizmin hazırlanması, həmçinin belə tikintilərin davam etdirilməsinin qarşısının alınması;

- Vətəndaşların, xüsusilə aztəminatlı və gənc ailələrin mənzillə təminatı məsələsinin həllinə kompleks yanaşmanı, o cümlədən köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini özündə əks etdirən konsepsiyanın və məqsədli Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;

- “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165-IVQ saylı Qanununun tələblərinə əsasən, bütün ölkə üzrə vətəndaşların xüsusi mülkiyyətində olan daşınmaz əmlakın, habelə onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə tədbirlərin görülməsi, təbii fəlakətlər və bədbəxt hadisələr, o cümlədən yanğın nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə sığortalanması üçün əhalinin maarifləndirilməsi üzrə işin gücləndirilməsi;

- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 24.3-cü bəndinə əsasən, “hündürmərtəbəli yeni yaşayış binalarının qazla təmin olunması ilə əlaqədar məsələlərin həll edilməsi”nin, müəyyən edilmiş qaydada istismara qəbul edilməsinin sürətləndirilməsi;

- «Avropa Sosial Xartiyası»nın 2-ci (ədalətli əmək şəraiti hüququ), 3-cü (təhlükəsiz və sağlam əmək şəraiti hüququ), 10-cu (peşə hazırlığı hüququ), 13-cü (sosial və tibbi yardım hüququ), 15-ci (əlil şəxslərin müstəqillik, sosal inteqrasiya və ictimai həyatda iştirak etmək hüququ), 23-cü (ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ), 30-cu (yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququ) və 31-ci (yaşamaq yeri hüququ) maddələrinin Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsi;

- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Rəqabət Məcəlləsi”nin qəbul edilməsinin sürətləndirilməsi;

- Korporativ məsuliyyət məsələsinə diqqətin artırılması, sahibkarlar tərəfindən insan hüquqlarına riayət olunması, sahibkarların hüquqlarının effektiv reallaşdırılması və bu hüquqlar məhdudlaşdırılmadan onların fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsi, həmçinin müvafiq beynəlxalq sənədlərdə öz əksini tapmış hüquq normalarının, prinsip və standartların Azərbaycan Respublikasının qanunvericiliyinə inkorporasiyası və implementasiyası;

- Hərbi idarəetmə qurumlarında qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsi, hərbi vəzifəli şəxslərin məsuliyyət hissinin artırılması məqsədi ilə orduya ictimai nəzarət üzrə hüquqi mexanizmin hazırlanması, müəyyən edilmiş qaydada təsdiq edilməsi və tətbiqi, orduda, xüsusilə sərhədyanı ərazilərdə şəxsi heyətlə işləmək üçün psixoloq  xidmətinin təşkil edilməsi və bu məqsədlə ixtisaslaşmış psixoloqların hazırlanması;

- Məhkumların fiziki iş qüvvəsinin sağlam əməyə istiqamətləndirilməsi yolu ilə islah edilməsinin əhəmiyyəti nəzərə alınaraq, onların ictimai faydalı əməyə, o cümlədən haqqı ödənilən işlərə cəlb olunması üçün yeni istehsalat sahələrinin və iş yerlərinin yaradılması;

- İnsan alveri və məişət zorakılığı qurbanlarının reabilitasiyası məqsədilə hüquq-mühafizə orqanlarının nəzdində psixoloq ştat vahidlərinin müəyyən edilməsi;

- 2008-ci il 17 noyabr tarixində ölkəmiz tərəfindən imzalanmış «Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunması haqqında» Avropa Şurası Konvensiyasının ratifikasiyasının, habelə «Uşaqların cismani cəzadan müdafiəsi haqqında» və «Yuvenal ədliyyə haqqında» qanun layihələrinin qəbul edilməsinin sürətləndirilməsi;

- Ailə Məcəlləsinin 142.2-ci maddəsinə uyğun “Himayədar ailə haqqında Əsasnamə”nin qəbul edilməsi;

- Qanunvericilik aktlarında “azyaşlı”, “uşaq”, “yeniyetmə” və “gənc” anlayışlarının yaş həddinə görə müəyyən edilməsi;

- Yerli icra hakimiyyəti orqanları yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların zəruri insan və texniki resurslarla təmin olunması, onların işinin, strukturunun, səlahiyyətlərinin yenidən və əsaslı şəkildə qurulması məqsədilə müvafiq əsasnaməyə zəruri dəyişikliklərin edilməsi;

- Alimentin borclu tərəfindən məcburi ödənilməsinin nizamlanması məqsədilə «Aliment Fondu»nun yaradılması (alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə);

- Xüsusi qayğıya ehtiyacı olan və risk qrupuna aid uşaqların müvəqqəti yerləşdirilməsi, onlara sosial və psixoloji dəstəyin göstərilməsi məqsədilə sığınacaq və reabilitasiya, habelə günərzi xidmət mərkəzlərinin yaradılması;

- Övladı (övladlaları) olan və ahıllar evinə yerləşdirilən şəxslərin övladının (övladlarının) hüquqi və maddi məsuliyyəti məsələsinin həll edilməsi;

- Təhsilin inklüzivliyinin təmin olunması məqsədilə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi;

- İctimai nəqliyyat infrastrukturunun, metro və tunel keçidlərinin yol ayrıclarında quraşdırılmış işıqforların səsli siqnallarının hərəkətin sərbəstləşdirilməsinə dair standardlara uyğunlaşdırılması;

- İctimai meydanlarda, parklarda, istirahət yerlərində, inzibati binalarda, muzeylərdə, təhsil müəssisələrində, kitabxanalarda, ticarət və digər mədəniyyət obyektlərində təhlükəsizlik və hərəkətin sərbəstləşdirilməsinə dair gözdən əlil insanlar üçün müvafiq sistemlərin, habelə ictimai və yaşayış binalarında pandusların quraşdırılması;

- Aztəminatlı təbəqədən olan insanların ödənişsiz zəruri hüquqi biliklər əldə etməsi və onların öz hüquqlarını müdafiə etməsi məqsədilə respublikanın hər bir şəhər və rayonunda dövlət hesabına maliyyələşdirilən hüquq məsləhətxanalarının yaradılması.

- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndinə müvafiq olaraq, Müvəkkilin aparatında «İnformasiya təminatı şöbəsi»nin, habelə BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyəsinə uyğun olaraq, uşaq hüquqları üzrə sektorun yaradılması məqsədilə ştat vahidlərinin verilməsi, eyni zamanda BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının Müvəkkil tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, müvafiq Konstitusiya Qanununa əlavə və dəyişikliklərin edilməsi.

Müvəkkil əmin olduğunu bildirir ki, müraciətlərdə öz əksini tapmış, həmçinin respublikanın şəhər və rayonlarında keçirilmiş ictimai dinləmələrdə, əhalinin qəbulu prosesində səsləndirilmiş fikir və tövsiyələr əsasında tərtib edilərək illik məruzələrdə irəli sürülmüş, habelə səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, əhalinin, xüsusilə aztəminatlı ailələrin və qayğıya daha çox ehtiyacı olan qrupların hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş təkliflər ölkəmizin inkişaf səviyyəsi və maliyyə durumu nəzərə alınmaqla tədricən öz həllini tapacaqdır.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi