17.03.2014 Tarixinə olan hesabat

İnsan Alverinə Qarşı Mübarizə
 üzrə Milli Koordinator


Azərbaycan Respublikasında
insan alverinə qarşı mübarizəyə dair

MƏLUMAT


Giriş

Dünya birliyinin davamlı səylərinə baxmayaraq insan alveri müasir dövrün ən aktual problemlərindən biri kimi qalmaqdadır. Beynəlxalq ekspertlərin hesablamalarına görə hər il 27 milyonadək şəxs cinsi istismara və məcburi əməyə məruz qaldığı halda, hüquq mühafizə və təhlükəsizlik strukturları tərəfindən cəmi 46 min qurban müəyyən edilir. Bu baxımdan, əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formaları ilə mübarizə tədbirlərinin sərtləşdirilməsi, qurbanlara hərtərəfli köməkliyin göstərilməsi istiqamətində zəruri addımlar atırlar.
Azərbaycan da insan alverinin qarşısının alınmasında öncül, regionda ən fəal və mütərəqqi siyasət reallaşdıran dövlətlərdən olmaqla 2003-cü ildə BMT-nin “Transmilli cinayətkarlığa qarşı” Konvensiyasına və onu tamamlayan  “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında protokola qoşulmuşdur. Ölkəmizdə insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasının başlanğıcı sayılan həmin dövrdən ötən 10 ildə bu sahəyə dövlət, hökumət və parlament səviyyəsində xüsusi diqqət yetirilmişdir. Müvafiq cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyasının təmin olunması istiqamətində böyük bir fəaliyyət ortaya qoyulmuşdur.
Bu müddətdə başlıca vəzifələrdən biri insan alveri cinayətlərini hazırlayan və törədən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi olmuşdur. Digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə 580 insan alveri və məcburi əmək faktı aşkarlanaraq 385 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 5 mütəşəkkil dəstə, 152 cinayətkar qrup zərərsizləşdirilmişdir. İnsan alverinin qurbanı olan 529 şəxs cəmiyyətə reinteqrasiya olunmuşdur. 
İnsan alverinə qarşı mübarizənin kompleks şəkildə və sistemli surətdə aparılmasında ölkə başçısının sarəncamları ilə təsdiq edilmiş Milli Fəaliyyət Planları müstəsna rol oynamışdır. 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” əsasında bir çox zəruri tədbirlər həyata keçirilmiş, o cümlədən insan  alveri ilə mübarizədə qanunvericilik bazası formalaşdırılmışdır. Həmçinin, ixtisaslaşdırılmış polis qurumu, insan alveri qurbanlarına yardım və onların müdafiəsi mexanizmləri yaradılmış, digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin təməli qoyulmuşdur.
Ötən il icrası başa çatmış ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi        2009-2013-cü illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi və həyat səviyyəsinin yaxşılaşması insan alveri probleminin həllində əhəmiyyətli nəticələri şərtləndirmişdir.
Həmin dövr insan alveri ilə mübarizə standartlarının yüksəlməsi, o cümlədən qarşıda duran məqsədlərə nail olunmasında müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, Planın iştirakçısı olan dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının peşəkarlığının, qurbanlara göstərilən dövlət dəstəyinin artması, infrastrukturun və texniki təminatın güclənməsi ilə səciyyəvidir.
Bu müddətdə Azərbaycan Respublikası insan alverinə qarşı mübarizə üzrə Avropa Şurasının Konvensiyasına, MDB-nin iki sazişinə qoşulmuş, 2 qanun qəbul olunmuş, Ölkə Başçısının 3 fərmanı imzalanmış, Nazirlər Kabineti tərəfindən 4 qayda, bir dövlət proqramı təsdiqlənmişdir. Hökumətin müvafiq qərarı ilə insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə dövlət tərəfindən verilən müavinətin məbləği artırılaraq 33 manatdan 400 manata çatdırılmışdır. Qeyd olunan qanunvericilik layihələrinin hazırlanmasında 2009-cu ilin iyun ayında Daxili İşlər, Ədliyyə, Xarici İşlər, Milli Təhlükəsizlik nazirliklərinin və Baş Prokurorluğun nümayəndələrindən ibarət yaradılmış işçi qrupun xüsusi rolu olmuşdur. 
İdarələrarası əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən İnsan alveri Qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin əsas məqsədlərinə nail olunması üçün 14 mərkəzi icra hakimiyyəti orqanının nümayəndələrindən təşkil olunmuş İdarələrarası Komissiyanın fəaliyyəti də səmərəliliyi ilə seçilmişdir. 
İnsan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması prioritet vəzifələrdən olmaqla bu işdə vətəndaş cəmiyyəti nümayəndələrinin və kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək respublikanın bütün şəhər və rayonlarında ümumilikdə  274 mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilmişdir. Profilaktik iş həm də respublikanın 78 məktəbini, litseyini, kollec və uşaq evlərini əhatə etmiş, iştirakçılara bukletlər və digər maarifləndirici vəsaitlər paylanmışdır.
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrup qeyri-hökumət təşkilatları ilə birlikdə məcburi əməyin qurbanlarının müəyyən edilməsi ilə əlaqədar daş karxanalarında, inşaat meydançalarında mütəmadi reydlər keçirmişdir. Uşaqların kənd təsərrüfatında məcburi əməyə cəlb edilməsi hallarının aşkarlanması məqsədilə respublikanın bir sıra rayonlarında hüquqi və fiziki şəxslərə məxsus təsərrüfatlarda monitorinqlər də aparılmışdır. Respublikanın daxili işlər orqanları tərəfindən 2009-2013-cü illərdə təhsildən yayınan 3.543 şagird aşkarlanaraq hər biri zəruri profilaktik tədbirlərlə əhatə olunmuş, onların oxuduqları təhsil müəssisələrinə 2876 təqdimat yazılmışdır.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzdində uşaqlar üçün lazımi avadanlıqlarla təmin edilmiş sığınacaq fəaliyyətə başlamış, təhsillərini davam etdirmələri, azyaşlıların isə körpələr evində yerləşdirilməsi məqsədilə Bakı şəhərində xüsusi orta təhsil məktəbi və körpələr evi ayrılmışdır.
Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün donorlar və göstərilən yardımın istifadə ediləcəyi sahələr də müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 33 layihə maliyyələşdirilmiş və bu məqsədlər üçün 230 min manatdan çox vəsait ayrılmışdır. İnsan alverinə qarşı mübarizədə xüsusilə fərqlənən qeyri-hökumət təşkilatlarına Daxili İşlər Nazirliyi tərəfindən də maliyyə yardımları edilmişdir.
İkinci Milli Fəaliyyət Planının icrası dövründə qeydə alınmış 400 insan alveri və məcburi əmək cinayəti üzrə 176 şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Müəyyən edilmiş 263 qurbandan 173-ü təhlükəsiz sığınacağa yerləşdirilmişdir. Reinteqrasiya dövründə 232 qurbana birdəfəlik müavinət, 133 nəfərə Kömək Fondundan yardımlar verilmişdir. Həmçinin, 48 nəfər işlə təmin edilmiş, 90 nəfər peşə kurslarına cəlb olunmuş, bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərinə istiqamətləndirilmişdir. Səhiyyə Nazirliyi tərəfindən 155 insan alveri qurbanına və 579 potensial qurbana tibbi yardımlar göstərilmiş və bu məqsədlər üçün ayrılmış beş tibb müəssisəsi zəruri avadınlıqlarla təchiz edilmişdir.
Görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ötən il üzrə hazırlanmış hesabat və rəylərdə əksini tapmış, eləcə də ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrası müsbət dəyərləndirilmişdir.
Belə ki, BMT-nin «Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə dair Konvensiyası»nın icrası ilə əlaqədar 2013-cü ilin aprel ayında Azərbaycan hökumətinin ikinci dövri hesabatı ilə bağlı qəbul olunmuş yekun rəydə insan alverinə qarşı mübarizə üzrə dövlət proqramlarının icrası və dövlət qulluqçularına təlimlərin keçirilməsi təşəbbüsləri yüksək qiymətləndirilmişdir. Həmin ilin iyun ayında isə ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair yayımladığı hesabatda ölkəmiz bir pillə irəliləyərək 2-ci sıra ölkələr siyahısına daxil edilmişdir.
Əvvəlki illərdə olduğu kimi, insan alverinə qarşı mübarizə tədbirləri 2013-cü ildə də ardıcıllıqla davam etdirilmişdir. Təşkilati-praktiki fəaliyyətdə əsas diqqət qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsinə, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın və  idarələrarası əlaqələrin möhkəmləndirilməsinə, maarifləndirmə və məlumatlandırma işinin əhatəsinin genişləndirilməsinə yönəldilmişdir.

İnsan alverinə qarşı qanunvericilik bazasının təkmilləşdirilməsi

«İnsan alverinə qarşı mübarizə haqqında» Avropa Şurası Konvensiyasının implementasiyası ilə bağlı öhdəliklərin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli qanunları ilə Cinayət Məcəlləsinə və «İnsan alverinə qarşı mübarizə haqqında» Qanuna insan alveri cinayətlərinin dairəsinin genişləndirilməsinə, qurbanların reabilitasiyasına və repatriasiyasına dair yeni normalar əlavə olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə «Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı», «İnsan alveri qurbanlarının repatriasiya» və «Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi» qaydaları təsdiq edilmişdir. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında işçi qrupun üzvü olan dövlət orqanları ilə qarşılıqlı əlaqədə hazırlanmış “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram” Nazirlər Kabinetinin  2014-cü il 6 fevral tarixli Qərarı ilə qəbul olunmuşdur. Daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlara uyğunlaşdırılması baxımından hökumətin qərarları ilə “İnsan alveri qurbanlarının müəyyən edilməsi (indikatorlar)” və “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət” Qaydalarında dəyişikliklər edilmişdir.
Qurbanlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsində, məşğulluqlarının təmin edilməsində, maarifləndirmə və təbliğat işlərinin aparılmasında qeyri-hökumət təşkilatlarının imkanlarından daha səmərəli istifadə olunması üçün ötən ilin iyul ayında Daxili İşlər Nazirliyi və İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyası arasında  2013-2018-ci illəri əhatə edən yeni Anlaşma Memorandumu imzalanmış, Koalisiyanın Əsasnaməsinə bundan irəli gələn dəyişikliklər edilmişdir.


İnsan alverinin qarşısının alınması sahəsində profilaktika və
maarifləndirmə tədbirləri, təlim və treninqlər

Milli Fəaliyyət Planına uyğun olaraq profilaktika məqsədilə keçirilən məlumatlandırma tədbirlərinə insan alverinin potensial qurbanlarının və qeyri-hökumət təşkilatlarının cəlb olunması, zəruri treninqlərin keçirilməsi hesabat dövründə də diqqət mərkəzində saxlanılmışdır.   
İnsan alverinə qarşı qeyri-hökumət təşkilatları Koalisiyasının nümayəndələri ilə birgə insan alverinin mahiyyəti və onun doğurduğu təhlükələr haqqında il ərzində respublikanın 44 şəhər və rayonunda,  o cümlədən 15 internat məktəbində maarifləndirmə tədbirləri təşkil edilmişdir. Tədbirin iştirakçılarına “Qaynar xətt” telefon xidmətinin reklam çarxları, xüsusi sənədli filmlər nümayiş etdirilmiş, sığınacağın və Koalisiyanın fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.
Gənclərin qeyri-hökumət qurumlarının, Gənclər və İdman, eləcə də Daxili İşlər nazirliklərinin təşkilatçılığı ilə mart və avqust aylarında Lənkəran, Şirvan, Cəlilabad, Saatlı, Xaçmaz, Qax, Ağdaş, Ağsu, Siyəzən, Masallı, Göyçay, Ağcabədi şəhər və rayonlarında “İnsan alverinə və zorakılığa yox deyək” devizi altında mədəni-kütləvi aksiyalar keçirilmişdir. Heydər Əliyev Fondu və   BMT-nin Əhali Fondunun birgə layihəsi çərçivəsində çəkilmiş insan alverinin, qanunsuz miqrasiyanın və onların doğurduğu təhlükələri əks etdirən qısametrajlı filmlər məlumatlandırma işində istifadə edilməsi üçün şəhər və rayon icra hakimiyyətlərinə göndərilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Tvinninq layihəsi çərçivəsində insan alverinə dair sosial çarxlar çəkilərək nümayiş etdirilmişdir. Həmin Dövlət Komitəsi tərəfindən hazırlanmış xüsusi bukletlər insan alveri təhlükəsi barədə sərnişinlərin məlumatlandırılması üçün Nəqliyyət Nazirliyi vasitəsilə beynəlxalq və yerli daşımaları həyata keçirən nəqliyyat təşkilatlarına təqdim olunmuşdur.
Xarici ölkələrdə yaşayan vətəndaşlarımızın məlumatlandırılması və insan alverinin doğurduğu təhdidlərdən qorunması məqsədilə müvafiq normativ hüquqi aktlar toplusu, statistik məlumatlar, poster və digər zəruri vəsaitlər hazırlanaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına göndərilmişdir.
Xüsusi əhəmiyyət kəsb etməsi baxımından, görülən işlər və əldə edilən nəticələr respublikanın müxtəlif telekanallarında və mətbuat səhifələrində  işıqlandırılmış, elektron informasiya agentliklərinin və xüsusi polis qurumunun veb saytında yerləşdirilmişdir.
İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində peşəkarlığın artırılması məqsədilə xüsusi polis qurumunun əməkdaşları üçün Beynəlxalq Miqrasiya təşkilatının, ATƏT-in Bakı Ofisinin, Türkiyə Respublikası polis orqanlarının və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi və iştirakı ilə 22 seminar, konfrans, təlim, dəyirmi masa, ikitərəfli və çoxtərəfli görüşlər keçirilmişdir.
Hüquq mühafizə orqanlarının təhsil müəssisələrində insan alverinə qarşı mübarizə məsələlərini tənzimləyən beynəlxalq sənədlərin və milli qanunvericiliyin müddəaları, bu növ cinayətlərin qarşısının alınması və açılmasının hüquqi və taktiki əsasları tədris olunmuşdur.
İnsan alveri qurbanları üçün təhlükəsiz Sığınacağın və “Qaynar xətt” telefon xidmətinin əməkdaşları müxtəlif vaxtlarda ATƏT-in Bakı Ofisi, Səhiyyə Nazirliyi və İsveçrə Qlobal Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmişlər. “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” adlı regional layihə çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatların nümayəndələri üçün “İnsan alveri ilə mübarizə” mövzusunda treninqlər təşkil olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanlarına Yardım Mərkəzinin təşəbbüsü və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə təminatı ilə Gəncə şəhərində Regional Reabilitasiya-Reinteqrasiya mərkəzi yaradılmışdır.  Onun əməkdaşları ATƏT-in maliyyə dəstəyi ilə Xızı, Şamaxı, Ağstafa, Neftçala, Sabirabad, Bərdə və digər rayonlarda “İnsan alveri barədə məlumatlılığın artırılması və müvafiq qurumlar arasında insan alveri qurbanları ilə etik davranış qaydalarının aşılanması” mövzusunda keçirilən seminarlara cəlb edilmişlər.

İnsan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlıq


Sözügedən cinayətlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması tədbirləri də ardıcıllıqla davam etmişdir. 2013-cü ilin fevral ayında qüvvəyə minmiş “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin (polisin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında” Saziş, habelə dekabr ayında Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında imzalanmış “Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” insan alverinə qarşı mübarizənin müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, həmin cinayətlərin təqibi sahəsində dövlətlərarası əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Ayrı-ayrı vaxtlarda ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının yerli nümayəndəliklərinin rəhbərləri və “Uşaq əməyinin aradan qaldırılması üzrə Beynəlxalq Proqram”ın əlaqələndiriciləri ilə işçi görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupu - GRETA-nın mütəxəssisləri insan alveri qurbanları üçün Sığınacağın və Yardım Mərkəzinin fəaliyyəti ilə yerində tanış olmuşlar.
Xüsusi polis qurumunun, eləcə də digər dövlət orqanlarının əməkdaşları beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələr formatında Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Avstriya, Türkiyə, Macarıstan, Polşa, Malayziya, Rusiya, Ukrayna, Belarus və Gürcüstanda təcrübə mübadiləsinə cəlb olunmuşlar.
Qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaq məqsədilə  40-a yaxın ölkənin aidiyyəti orqanları ilə mövcud olan sazişlər çərçivəsində zəruri tədbirlər görülmüş, məlumat mübadiləsi aparılmış, sorğuların qarşılıqlı  cavablandırılması həyata keçirilmişdir. Bu istiqamətdə ölkəmizin xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri tərəfindən də zəruri işlər görülmüşdür. Avropa Komissiyası ilə, habelə Kanada, Malayziya, Koreya, Rumıniya, Macarıstan, Belarus və Bolqarıstanın aidiyyəti qurumlarında keçirilmiş görüşlərdə insan alverinə qarşı mübarizədə birgə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Azərbaycan Respublikası və Serbiya Respublikası Xarici İşlər Nazirliklərinin Konsulluq xidmətləri səviyyəsində Bakıda təşkil edilmiş məsləhətləşmələrdə insan alveri ilə mübarizə sahəsində birgə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılmışdır.

Məcburi əməyə cəlb olunma və uşaq əməyinin istismarına qarşı tədbirlər

Məcburi əməyin qarşısının alınması sahəsində təşəbbüslər 2013-cü ildə daha da artırılaraq bu cinayətlərdən zərər çəkən şəxslərin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində müxtəlif nazirliklərin, yerli icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatları nümayəndələrinin daxil olduğu nəzarət qrupu yaradılaraq ölkə üzrə uşaqların təhsildən yayınması və qanunsuz əməyə cəlb olunması hallarının mütəmadi monitorinqi aparılmışdır.                  
Komitənin Goranboy, Ağdam, Sabirabad, Zaqatala, İsmayıllı, Qəbələ, Göygöl, Zərdab, Saatlı və Hacıqabul rayonlarında fəaliyyət göstərən uşaq və ailələrə dəstək mərkəzləri tərəfindən də təhsildən yayınma halları araşdırılmış və adekvat tədbirlərin görülməsi təmin edilmişdir.
Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Həmkarlar İttifaqı, Sahibkarlar Konfederasiyası və qeyri-hökumət təşkilatları Koalisiyasının nümayəndələri ilə birgə 18 şəhər və rayon üzrə 31 kənd təsərrüfatı və   8 yol-tikinti obyektində, 4 sənaye müəssisəsində və Qaradağ rayonunda yerləşən daş karxanalarında ümumilikdə 45 monitorinq aparılmış, məcburi əməyin qurbanı aşkar edilməmişdir. Müxtəlif şirkətlərdə çalışan əcnəbilərin və yerli vətəndaşların məcburi əməyə cəlb edilməsi ilə bağlı daxil olmuş müraciətlərinin araşdırılması zamanı şikayətlərin əsasən əmək mübahisələri ilə əlaqədar olduğu müəyyən edilmişdir. Görülmüş tədbirlərlə 27 nəfər Türkiyə və Azərbaycan vətəndaşına    3 şirkət tərəfindən 77 min manat məbləğində pul vəsaitinin ödətdirilməsi təmin olunmuşdur.


İnsan alveri ilə bağlı cinayət təqibi, qurbanlarla iş

Həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə ötən il 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanmış, 17 nəfər (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilmişdir. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilmişdir. Müəyyən olunmuş 56 qurbandan    (41-i qadın, 15-i kişi) 19-u Türkiyəyə, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılmış,   5 qurban isə ölkə daxilində istismara məruz qalmışdır.
Qurbanlardan 37-i sığınacağa yerləşdirilmiş və hər birinə zəruri yardımlar edilmişdir. O cümlədən 22-si işlə təmin edilmiş, 21-i peşə kursuna göndərilmiş, 50 qurbana birdəfəlik müavinətlər verilmiş, 13-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilmişdir.                     
Həyata keçirilmiş profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıtmış, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilmişdir. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılmışdır.
Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan          23 azyaşlı uşaq «Azərbaycan Uşaqlar Birliyi» İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarına istiqamətləndirilmişdir. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilmişdir.
İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilmişdir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılmış və hər biri üzrə qanunla müəyyən edilmiş qaydada zəruri ölçülər götürülmüşdür.                   

YEKUN

İnsan alverinin bütün formalarının aradan qaldırılması istiqamətində tədbirlərin, o cümlədən ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrasının məqsədyönlü və sistemli surətdə davam etdirilməsi məqsədilə 2014-2018-cı illəri əhatə edən üçüncü Milli Fəaliyyət Planının layihəsi hazırlanmış və ötən ilin dekabr ayında Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur. 87 tədbirdən ibarət olan Yeni Milli Fəaliyyət Planının icrasına 25 dövlət qurumunun, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin cəlb edilməsi nəzərdə tutulur. Hazırlanmış layihədə milli qanunvericiliyin, beynəlxalq konvensiyaların tələbləri, müvafiq nazirlik, komitə və xidmətlərin rəy və təklifləri, ABŞ Dövlət Departamentinin, həmçinin beynəlxalq və yerli   qeyri-hökumət təşkilatlarının tövsiyələri də əksini tapmışdır.
İnsan alverinə qarşı mübarizə üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının qanunlarından, Dövlət Başçısının fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərarlarından, digər qanunvericilik aktlarından irəli gələn vəzifələrin icrası davam etdirilir.

       Azərbaycan Respublikası
    Daxili İşlər Nazirliyi
      17 mart 2014-cü il

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi