06.03.2015 Tarixinə olan hesabat

AZƏRBAYCAN  RESPUBLİKASININ
İNSAN  HÜQUQLARI  ÜZRƏ  MÜVƏKKİLİ
(OMBUDSMAN)

 

Azərbaycanda
insan hüquqlarının və azadlıqlarının
təmin edilməsi və müdafiəsinin vəziyyəti
haqqında

 

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

2014-cü il üzrə illik məruzəsi

 

Ö n    s ö z

Məruzənin əsas məqsədi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2014-cü ildə ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmini vəziyyətinin öyrənilməsi və təhlili, müsbət nəticələrlə yanaşı, çatışmazlıqların və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti haqqında məlumatların verilməsindən ibarətdir.

Məruzə ərizələrin, şikayətlərin və təkliflərin, Müvəkkil, habelə onun tapşırığına əsasən, aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, sosial müdafiə müəssisələrinə, o cümlədən uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə və təhsil müəssisələrinə baxışların, həmçinin yerlərdə əhali ilə görüşlər və aparılmış araşdırmalar zamanı aşkar edilmiş müxtəlif halların, problem və çətinliklərin, eyni zamanda dövlət orqanlarının və vəzifəli şəxslərin rəsmi cavablarının, dövlət qurumlarına təqdim edilmiş təklif və tövsiyələrin, insan hüquqları üzrə milli və beynəlxalq seminar və konfransların materiallarının, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərin, kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlili əsasında hazırlanmışdır.

İllik məruzədə Müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapmışdır.

«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, illik məruzə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmək üçün hazırlanmışdır.

İllik məruzə, eyni zamanda geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə kütləvi informasiya vasitələrində də dərc olunacaqdır.

Ümidvaram ki, Müvəkkilin bu illik məruzəsi ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi vəziyyəti barədə Sizdə müəyyən təsəvvür yaradacaq və bununla bağlı təəssüratlarınızı bizimlə bölüşəcəksiniz.

Dəyərli fikirləriniz və tövsiyələriniz gələcəkdə Müvəkkilin ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi üzrə işinin təkmilləşdirilməsinə yardımçı olardı.


Elmira Süleymanova

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)


G i r i ş

Dövlətimizin ali məqsəd kimi qarşıya qoyduğu insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi vəzifəsinin yerinə yetirilməsi istiqamətində ötən il də davam etdirilən sosial-iqtisadi siyasət əhalinin rifahının getdikcə yaxşılaşmasında özünü göstərməkdədir.
Sosial yönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, investisiyaların artması, azad sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası, regionlarda sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi nəticəsində minlərlə yeni iş yeri açılmış, işsizliyin və yoxsulluğun səviyyəsi enmişdir.
Ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, respublikamızın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə ölkə Prezidentinin məlum sərəncamı ilə 2014-cü ilin “Sənaye ili” elan edilməsi müasir sürətli inkişaf templəri nəzərə alınmaqla sənayenin getdikcə modernləşdirilməsinə və qeyri-neft sahələrinin inkişafına, yeni prioritet istehsal sahələrinin, rəqabətədavamlı sənaye strukturlarının, yeni sənaye müəssisələrinin yaradılmasına, daimi iş yerlərinin açılmasına, məşğulluğun təmin edilməsi istiqamətində səylərin artırılmasına öz töhfəsini vermişdir.
Bütün dünyada iqtisadi böhranın mövcud olduğu bir vaxtda ölkəmizdə siyasi və iqtisadi inkişaf və sabitlik davam etmiş, yeni enerji layihələri reallaşdırılmış, maliyyə vəsaitləri və valyuta ehtiyatları artmış, uğurlu islahatlar həyata keçirilmişdir.
Əhalinin pul gəlirləri, o cümlədən pensiyalar və orta əmək haqqı artmış, 50-yə yaxın yeni məktəb və uşaq bağçası, 60-dan artıq tibb müəssisəsi, diaqnostika, olimpiya və idman kompleksləri, mədəniyyət ocaqları istifadəyə verilmiş, ötən ildə 20 mindən artıq məcburi köçkün yeni evlərə köçürülmüş, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmış, “ASAN xidmət” müvəffəqiyyətlə fəaliyyət göstərmiş, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə çatmaq məqsədilə ölkənin dinamik inkişafı üzrə işlər müvəffəqiyyətlə davam etdirilmişdir.
Ölkəmizdə aparılan islahatlar və düşünülmüş iqtisadi siyasət dünyanın ən mötəbər iqtisadi qurumları tərəfindən də yüksək qiymətləndirilmiş, Dünya İqtisadi Forumunun qlobal rəqabətlik indeksində Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti bir pillə də artaraq, qiymətləndirmə ilə əhatə olunan 144 ölkə arasında 38-ci yerə yüksəlmişdir.
Ötən il Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi, sayca ikinci olan “Azərsky” peykinin orbitə buraxılması və ölkəmizin bu sahədə dünyanın 20 dövləti arasında yer alması, Bakı şəhərində onlarla xarici dövlətin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə təşkil edilmiş IV Bakı Beynəlxalq Forumu, Gənclər Siyasəti üzrə I Qlobal Forum, Kompyuter Oyunları üzrə VI Dünya Çempionatı, Gənclərin Beynəlxalq Sülh Forumu, həmçinin Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu ölkəmizin nüfuzu baxımından böyük əhəmiyyət daşımışdır.
 Yeri gəlmişkən, IV Bakı Beynəlxalq Forumunda çıxış edən BMT-nin İnkişaf Proqramının direktoru Azərbaycanda yoxsulluğun azaldılmasında əldə edilmiş təcrübənin çox önəmli olduğunu və bunun başqa ölkələr üçün örnək ola biləcəyini diqqətə çatdırmışdır.
Ötən il dövlət tərəfindən insan hüquq və azadlıqlarının inkişafına, hüquq mədəniyyətinin yüksəlməsinə mühüm təsir göstərən, böyük ictimai əhəmiyyətə malik tədbirlər də həyata keçirilmişdir. Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyi nəzərə alınaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması məqsədi ilə ölkə Prezidenti yanında Bilik Fondu yaradılmışdır.
Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə ölkə Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi, habelə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən respublikamızda multikulturalizm ənənələri, dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi və bir sıra digər önəmli məsələlərin həlli üçün ölkə Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına zəruri maliyyə vəsaitinin ayrılması xüsusi qeyd edilməlidir.
Ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xaricdəki diaspor təşkilatlarının inkişaf etdirilməsi və onlarla əlaqələrin genişləndirilməsi istiqamətində ötən il də bir sıra tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, xarici ölkələrdə müvəqqəti məskunlaşmış azərbaycanlıların hüquqlarının müdafiəsi üzrə fəaliyyət davam etmiş, Müvəkkil və əməkdaşları müxtəlif ölkələrə səfərlər çərçivəsində Azərbaycan diasporunun üzvləri, daimi və ya müvəqqəti yaşayan vətəndaşlarımızla, habelə burada oxuyan tələbələrlə görüşmüş, problemləri ilə maraqlanmışlar.
Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınması məqsədilə Müvəkkil öz səlahiyyətləri çərçivəsində dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
İnsan hüquqlarının pozulması hallarında lazımi tədbirlər görülmüş, aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş, müvafiq tapşırıqlar verilmiş, təkliflər irəli sürülmüş, məsələlərin həllinə yönəlmiş məsləhətlər və təkliflər verilmişdir.
Təsisatın ötən müddətdə həyata keçirdiyi fəaliyyət çərçivəsində istər Bakı şəhərində, istərsə də regionlarda əhali ilə görüşlər, habelə qəbullar keçirilmiş, insan hüquqlarının təmin edilməsinin monitorinqi aparılmış, vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranması səbəbləri araşdırılmış, həlli istiqamətində müvafiq təkliflər irəli sürülmüş və tədbirlər görülmüş və bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
İnsanlar öz müraciətlərini Müvəkkilə müxtəlif vasitələrlə, o cümlədən poçt və elektron poçtu, aparatın qəbul otağı, regional mərkəzlər, 916 nömrəli «Uşaq qaynar xətti» və işgəncələrə qarşı qaynar xətt vasitəsilə, Müvəkkilin və əməkdaşlarının cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışları zamanı təqdim etmişlər.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 114.690, 2014-cü ildə isə 13.150 müraciət daxil olmuşdur. Həmin müraciətlərin 74,2 %-i şikayətlərdən, 25,8 %-i isə ərizələrdən ibarət olmuşdur.
2014-cü ildə aparatda və regional mərkəzlərdə ümumilikdə 2.468 şəxs ilkin olaraq qəbul edilmiş, 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlərlə bağlı aparatda qəbul olunmuş, onlara müvafiq məsləhət və izahatlar verilmişdir.
Müvəkkil və əməkdaşlar tərəfindən aparatda, regionlarda, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali ilə görüşlər zamanı, habelə cəzaçəkmə müəssisələrində, həbsxanada, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, əlil və ahıl evlərində, internatlarda baxışlar zamanı 3.547 şəxs qəbul edilmişdir.
Şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutların olmaması səbəbindən onların 51 %-nin baxılmasından imtina edilmişdir.
Şikayətlərin 49 %-i baxılmaq üçün icraata qəbul edilmiş, bunların da 56,8 %-i təmin olunmuşdur.
Təsisatın beynəlxalq əlaqələr sahəsində həyata keçirdiyi fəaliyyət də əhəmiyyətli olmuşdur. Müvəkkil və təsisatın əməkdaşları ötən il müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, geniş fikir və təcrübə mübadiləsi aparmışlar.
BMT və onun ixtisaslaşmış bölmələri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası və digər beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilmişdir.
Vətəndaşların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə önəm verən Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində və digər fakültələrdə “İnsan hüquqları”, həmçinin “Genderə giriş” fənninin tədrisi, həmin fakültənin magistratura pilləsində insan hüquqları üzrə kadr hazırlığı davam etdirilmişdir.
Müvəkkil və əməkdaşları tərəfindən müxtəlif ali təhsil və ixtisasartırma müəssisələrində məruzələr oxunmuş, interaktiv diskussiyalar aparılmışdır.
Ölkə prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda (MFP) nəzərdə tutulmuş tədbirlərin icrası işinin əlaqələndirilməsi, təbliği və tətbiqi vəziyyətinin monitorinqi və dəyərləndirilməsi, habelə hesabatların hazırlanması məqsədilə əhatəli iş ötən ildə də davam etdirilmiş, Bakıda və regionlarda dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmişdir.
Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə əhali qrupları arasında və icmalarda seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi və səsvermənin demokratik, azad və şəffaf keçirilməsinə xidmət edən tədbirlər təşkil edilmişdir.
Müvəkkil Universal Dövri İcmal mexanizminin əhəmiyyətini, onun dövlətlərin insan hüquqları sahəsində götürdükləri öhdəliklərin yerinə yetirilməsini qərəzsiz formada sınamağa imkan verməsini nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən “A” statusu ilə akkreditasiya olunmuş müstəqil milli insan hüquqları təsisatı qismində bu məsələni diqqətdə saxlamışdır.
“A” statusuna uyğun olaraq, Paris prinsipləri çərçivəsində müstəqil fəaliyyət ötən ildə də davam etdirilmişdir.
Müvəkkil dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə müntəzəm olaraq birgə məsləhətləşmələr keçirmiş, nəticədə tövsiyələrin əksəriyyətinin icrasına nail olunmuşdur.
Müvəkkil Ermənistan tərəfindən atəşkəsin müntəzəm şəkildə pozulması nəticəsində yaralanaraq əsir düşmüş və ya girov götürülmüş vətəndaşlarımızın, o cümlədən əsgərlərin azad olunması və onların qaytarılması ilə bağlı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciətlər etmişdir.
Müvəkkilin vəsatəti ilə fəaliyyəti dövründə 455 məhkum əfv edilmiş və ya barəsində amnistiya aktı tətbiq edilərək azadlığa buraxılmışdır.
Ötən il hüquqi biliklərin yayılmasına və artırılmasına, hüquq mədəniyyətinin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
«18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü» ərəfəsində bütün ölkə boyu «İnsan hüquqları aylığı» keçirilmiş, UNESCO-nun dəstəyi ilə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Əhali məsələləri üzrə Qahirə Konfransının, Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 20 illiyinə, BMT-nin «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyası»nın 35-ci ildönümünə həsr edilmiş «Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu» mövzusunda keçirilmiş Ombudsmanların XII Bakı Beynəlxalq Konfransı ilə bu aylığa yekun vurulmuşdur.
Cəmiyyətdə sülh mədəniyyətinin təbliği məqsədilə «Sülh aylığı» keçirilmiş, təsisatın məsul işçiləri tərəfindən müxtəlif dövlət orqanlarının əməkdaşları üçün maarifləndirici məruzələr oxunmuş, vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə tədbirlər təşkil edilmiş, televiziya və radio kanallarında sülhə həsr edilmiş proqramlar yayımlanmış, qəzetlərdə məqalə və məlumatlar dərc edilmişdir.
«Uşaq hüquqları aylığı» çərçivəsində ölkənin şəhər və rayonlarında regional mərkəzlərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə orta məktəblərdə və uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunmuş, «Uşaq hüquqları üzrə Pilləli Tədris Proqramı»nı uğurla bitirmiş şagirdlərə sertifikatlar təqdim edilmişdir.
Ölkənin müxtəlif regionlarında keçirilən tədbirlər zamanı təsisatda hazırlanmış hüquqi nəşrlər, tematik lifletlər, müxtəlif məcmuələr, broşürlər, kitabçalar və yaddaş vərəqələri iştirakçılara paylanmışdır.
Bütövlükdə Müvəkkilin ötən il də əsas fəaliyyəti pozulan insan hüquqlarının bərpasına, habelə bu hüquqların pozulması hallarının qarşısının alınmasına yönəlmişdir.

I fəsil

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
müdafiəsi sahəsində fəaliyyət

1.1. Mülki və siyasi hüquqların müdafiəsi

Azadlıq hüququ insanın öz iradəsinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan hərəkət etmək imkanını ifadə edir.
Ötən il şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 70 müraciət daxil olmuşdur ki, onların da sayı ötən illərə nisbətən xeyli azalmışdır. Bununla belə, müvafiq sahədə hələ də bəzi çatışmazlıqlar qalmaqdadır.
Qeyd edilən hüququn pozulmasına səbəb olan əsas hallardan biri müraciət edən vətəndaşların müvafiq polis orqanları tərəfindən şəxsiyyət vəsiqəsi ilə vaxtında təmin edilməməsi olmuşdur. Həmin müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa edilmişdir.
Müxtəlif səbəblərdən daimi yaşayış yeri olmadığı üçün qeydiyyata düşə bilməyən vətəndaşların daimi qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 aprel tarixli, 55-s saylı Sərəncamının tələblərinə əsasən, bir çox vətəndaşların pozulmuş hüquqlarının bərpasına nail olunmuşdur.
Müvəkkilin müdaxiləsi nəticəsində bir sıra digər hallarda da insanların sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətlərin qarşısı alınmışdır.
Rəsmi məlumata əsasən, bir sıra səbəblərdən şəxsiyyət vəsiqəsini təqdim etməyən hamilə qadınlar barədə məlumat müvafiq elektron bazaya daxil edilmədiyi üçün onların körpələrinə doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Doğum şöbələri tərəfindən belə qadınlar barədə müvafiq polis orqanlarına məlumatlar verilməsinə baxmayaraq, məsələ öz həllini tapmamışdır.
Qeyd olunan halların hüquqi tənzimlənməsi məqsədilə ötən il Müvəkkilin Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr  tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əlavə və dəyişikliklər edilməsi ilə bağlı təklifi qəbul edilmişdir.
Yeri gəlmişkən, birgəyaşayış münasibətlərinə daxil olan, lakin nikahları dövlət qeydiyyatına alınmamış şəxslərin sayının artması, habelə nikahdankənar yeni doğulanların doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi hüquqlarından yetərincə istifadə etməyə imkan vermir. Odur ki, yerli icra strukturları, icma və bələdiyyələr səviyyəsində əhali arasında maarifləndirmə və izahat işinin aparılması zəruridir.
Müvəkkilin Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə sorğusuna əsasən məhkəmə Plenumunun qərarı ilə həmin maddə Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I  hissəsinə və 149-cu maddəsinin III hissəsinə uyğun olmayan hesab edilmiş, həmçinin qeyd edilən maddə müvafiq Qanunla Məcəllədən çıxarılmışdır.

Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqları. Ötən il Müvəkkil və əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həbs yerlərinə - Daxili İşlər Nazirliyinin şəhər və rayon polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlama yerlərinə (MSY), Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, həmçinin həmin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanılma yerlərinə, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlanılma Yerinə və İstintaq Təcridxanasına müntəzəm olaraq çoxsaylı baxışlar keçirilmişdir.
Müvafiq həbs yerlərində saxlanılan şəxslərlə görüşərək təkbətək söhbət zamanı onların saxlanma şəraiti və rəftar qaydaları araşdırılmış, hüquqları izah edilmiş, saxlanılması ilə bağlı ailəsinə xəbər verilməsi, vəkillə təmin olunması, tibbi müayinədən keçirilməsi, şübhəli şəxs qismində saxlanılarkən insan hüquqlarının izah edilməsi, polis orqanlarında saxlanılan vaxt prokuror nəzarətinin aparılması vəziyyəti, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlər yoxlanılmışdır.
Söhbət aparılan şəxslər, bir qayda olaraq, saxlanıldıqları müddət ərzində onlara qarşı insan ləyaqətini alçaldan kobud rəftara yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin polis və ya Penitensiar Xidmət əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını bildirmişlər. Bununla yanaşı, bəzi saxlanılan şəxslər istintaqın gedişindən narazı olduqlarını bildirmişlər.
Baxışlar zamanı müəyyən edilmişdir ki, həqiqətən də respublikanın polis orqanlarının müvəqqəti saxlama yerlərində beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması məqsədilə bir sıra yeni saxlama yerləri inşa edilərək istifadəyə verilmiş, bəzilərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Qeyd edilənlərlə yanaşı, müvəqqəti saxlama yerlərinə baxışlar zamanı bir sıra nöqsanlar da aşkar edilmişdir.
Aşkar edilmiş qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı irad və təkliflərlə müvafiq polis orqanlarının rəislərinə, zəruri hallarda isə Azərbaycan Respublikasının Baş prokuroruna, daxili işlər və ya milli təhlükəsizlik nazirlərinə müraciətlər edilmişdir.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, tutulma, həbs edilmə, müvəqqəti saxlama yerində insan hüquqlarının pozulması halları qeydə alınmamış, bununla belə, xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 77 əməkdaşı intizam qaydasında cəzalandırılmışdır ki, onlardan da 8-i daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 2-si tutduğu vəzifədən azad olunmuş, 67 əməkdaş barəsində digər intizam tədbirləri görülmüşdür.
Saxlanılan şəxslərin hüquqlarının daha etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış «İnzibati həbs olunanların saxlanılma məntəqələri haqqında Əsasnamə»nin və «İnzibati həbs olunanların saxlanılma məntəqələrinin daxili intizam Qaydaları»nın yeni layihələrinə Müvəkkil tərəfindən verilmiş rəy və təkliflər nəzərə alınmışdır.
Müvəkkilin Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarından və müvafiq nazirliyin bununla bağlı normativ hüquqi aktlarının tələblərindən irəli gələn vəzifələrin şəhər və rayon polis orqanlarının ictimai təhlükəsizlik xidmətlərinin, növbətçi hissələrinin və MSY-lərinin əməkdaşları tərəfindən əməli fəaliyyətdə tətbiqi işinin daha da yaxşılaşdırılması məqsədilə seminar-məşğələlər keçirilmişdir.

Şərəf və ləyaqətin müdafiəsi hüququ. Bu hüququn pozulması ilə bağlı daxil olmuş müraciətlərdə dövlət orqanlarının hakimiyyət səlahiyyətinə malik vəzifəli şəxsləri, eyni zamanda təhqiqat və istintaq orqanları, o cümlədən polis əməkdaşları tərəfindən saxlanılan və ya barəsində təhqiqat və ya istintaq aparılan şəxslərə qarşı kobud rəftar halları göstərilmişdir. Lakin həmin müraciətlərdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı səlahiyyətli dövlət qurumlarına tapşırıqların nəticələrinə dair Müvəkkilə təqdim edilmiş cavablarda əsasən belə halların öz təsdiqini tapmadığı bildirilmişdir.
Təhqiqat və ya istintaq prosesində törətmədiyi hadisəni və ya cinayət əməlini etiraf etməsi məqsədilə aidiyyəti vəzifəli şəxslər tərəfindən döyüldüyünü, ləyaqətinin alçaldıldığını bildirən şübhəli və ya təqsirləndirilən şəxslərdən və ya onların yaxınlarından daxil olmuş müraciətlərin araşdırılması zamanı da müraciətdə göstərilən halların təsdiqini tapmadığı göstərilmişdir.

Müvəkkilin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyəti. Müvəkkilin Milli Preventiv Qrupu (MPQ) ötən il də saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə davamlı olaraq başçəkmələr həyata keçirmişdir.
Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin tabeliyində olan ümumilikdə 244 azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlanılma yerlərinə, sosial obyektlərə, ahıllar və əlillər üçün internat evlərinə və pansionatlara, psixiatriya müəssisələrinə mütəmadi olaraq plan üzrə və ya təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 365, o cümlədən plan üzrə 267, plandankənar isə 98 başçəkmə həyata keçirilmişdir.
Belə ki, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 219, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, o cümlədən həbsxanaya, müalicə müəssisəsinə 112, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasına və Müvəqqəti Saxlanılma Yerinə 3, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 4, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 8, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionatlarına, ahıllar və əlillər üçün internat evlərinə 10, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evlərinə 4, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 3 başçəkmə həyata keçirilmişdir.
Həmin başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 237, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 1.030, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi başqa müəssisələrdə 250-dək saxlanılan şəxslə təklikdə və konfidensial görüşlər keçirilmiş, həmçinin bu müəssisələrin 300-dək əməkdaşı ilə fərdi söhbətlər aparılmışdır. Bu zaman müəssisə rəhbərləri və aidiyyəti vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılmış, verilmiş tövsiyələrin icrası və pozuntuların aradan qaldırılması üzrə tədbirlər görülmüşdür.
Ölkənin bütün şəhər və rayonlarının polis idarə, şöbə və bölmələrində MPQ-nin «qaynar xətt»inin əlaqə nömrəsinin göstərildiyi müvafiq elanlar asılmışdır.
Başçəkmələrin keçirildiyi müəssisələrin müəyyən hissəsinin yeni tikildiyi və ya əsaslı təmir olunduğu müəyyən edilmişdir. Görüş zamanı saxlanılan şəxslər, bir qayda olaraq, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməmişlər.
Başçəkmələr zamanı görülmüş müsbət işlərlə yanaşı, nöqsanlar da aşkar edilmiş, onların aradan qaldırılması, habelə şəraitin yoxlanılması məqsədilə aidiyyəti dövlət qurumlarına müraciət olunmuşdur.
MSY-lərdə saxlanılan şəxslərin hüquqlarının təmini sahəsində nöqsanlara yol verdiklərinə görə Nizami RPİ-nin və Sumqayıt ŞPİ-nin MSY-lərinin rəisləri polis mayoru Ə.Abbasov və polis polkovnik-leytenantı V.Mikayılov, gətirilmiş şəxslərin qeydiyyatını DİN-in müvafiq normativ hüquqi aktlarının tələblərinə uyğun aparmadıqlarına görə Sumqayıt ŞPİ-nin 1-ci və 3-cü polis bölmələrinin məsul növbətçiləri polis kapitanları M.Paşayev və P.Dünyamalıyev, polis mayoru N.Hacıyev, Sabunçu RPİ 14-cü PB-nin məsul növbətçisi, polis kapitanı İ.A.Novruzov, həmçinin MSY-nin xidməti sənədlərinin tam və dolğun tərtib olunmasını, buraxılış rejimini müvafiq təlimatın tələblərinə uyğun həyata keçirmədiklərinə görə Samux RPŞ-nin məsul növbətçisi polis mayoru R.Abdullayev və MSY rəisi polis baş serjantı S.Məmmədov intizam məsuliyyətinə cəlb olunmuş, eyni zamanda analoji halların təkrarlanmaması üçün 12, 14 və 15-ci polis bölmələrinin rəislərinə ciddi xəbərdarlıq edilməklə paytaxtın ərazi polis orqanlarına müvafiq göstəriş göndərilmiş, həbs edilmiş şəxsin saxlama müddətini pozduqlarına görə Kürdəmir RPŞ-nin məsul növbətçisi, polis leytenantı S.Məmmədova və MS-nin rəisi vəzifəsini icra edən polis serjantı D.Kərimova “töhmət” verilmişdir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan digər şəxslərlə yanaşı, Leyla Yunusova və İntiqam Əliyevlə də görüş zamanı müəyyən olunmuşdur ki, L.Yunusova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina etmiş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Hər iki şəxslə görüşün nəticələri barədə Müvəkkil tərəfindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunmuşdur. Onların Bakı İstintaq Təcridxanasında saxlandığı kamerada şəraitin normal olduğu müəyyən edilmişdir.
L.Yunusovanın əvvəllər məhkum olunmuş qadınla bir yerdə saxlanılması ilə bağlı qaldırdığı məsələ yerində araşdırıldığı zaman məlum olmuşdur ki, təcridxananın korpuslarından birində aparılan təmir işləri ilə bağlı müvəqqəti sıxlıq yarandığı üçün yerdəyişmə məsələlərində çətinlik yaranmışdır. Bununla bağlı Müvəkkil Penitensiar Xidmətin rəisinə müraciət etmiş, onun məişət problemləri həll edilmiş, digər istintaq altında olan qadın isə başqa kameraya köçürülmüşdür.
Müvəkkilin MPM qismində fəaliyyətinə dair 2014-cü ildə Azərbaycan və ingilis dillərində 76 rəsmi mətbuat xülasəsi yayımlanmış, ingilis dilinə tərcümə olunmuş məlumatlar Avropa Şurasının İnsan hüquqları üzrə komissarına göndərilmişdir.
«İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair» 2009-2010, 2011, 2012 və 2013-cü illər üzrə hesabatları Azərbaycan və ingilis dillərində nəşr olunaraq təsisatın saytında yerləşdirilmiş, ictimaiyyətə və ixtisaslaşmış beynəlxalq qurumlara, o cümlədən BMT-nin İşgəncələrin qarşısını almaq üzrə Alt Komitəsinə (SPT), İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinə (CPT) və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyaya (APT) göndərilmiş, 2014-cü il üzrə beşinci hesabat isə artıq hazırlanmışdır və tərcümə edilərək həmin ünvanlara təqdim olunacaqdır.

Fikir və söz azadlığı. Son illər ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl tədbirlər informasiya texnologiyalarının cəmiyyətin həyatındakı rolunu xeyli artırmış, yeni media cəmiyyətdə aşkarlığın, sərbəst və fərqli düşüncənin tribunası kimi özünü təsdiq etmişdir.
Ölkədə mətbuatın özünü tənzimləməsini həyata keçirən Mətbuat Şurası fəaliyyətini davam etdirmiş, Jurnalistlərin Etik Davranış Kodeksinin tələblərinə əməl edilməsi üzrə tədbirlər görülmüşdür.
Müasir dövrdə bütün dünyada olduğu kimi, ölkəmizdə də informasiya texnologiyalarının inkişafı və səmərəli tətbiqi milli mətbuatın tərəqqisində mühüm rol oynamaqdadır. Nəşr olunan qəzet və jurnallarla yanaşı, elektron informasiya şəbəkəsi də inkişaf etdirilməkdədir.
İnsan hüquqlarına hörmətlə yanaşan hər bir jurnalist cəmiyyətin həyatında baş verən bütün hadisələrin şərhinə obyektiv yanaşmağı və təhlil etməyi, istər aidiyyəti ünvanlara, istərsə də oxucuya qərəzsiz və düzgün informasiya çatdırmalıdır.
Qeyd edilməlidir ki, mətbuatın imkanlarından heç də həmişə lazımi səviyyədə istifadə edilmir, mətbuat azadlığı sahəsində yaradılmış geniş imkanlara baxmayaraq, cəmiyyətə ötürülən informasiyanın mahiyyəti və məzmunu zəruri və obyektiv informasiyaya olan tələbatı ödəmir. 
İnsanlarda bədbinlik və ümidsizlik yaradan, bəzən də qeyri-peşəkar tərzdə hazırlanan məlumatların kütləvi informasiya vasitələrindən istifadə edilməklə onların şüur və düşüncəsinə təsir etmək qeyri-qanuni davranışlara, psixoloji pozuntuların yaranmasına, faciələrə, əxlaqsız hərəkətlərə və digər mənfi hallara səbəb olur.
Təbii ki, baş vermiş hadisələrlə bağlı məlumatların verilməsinə ehtiyac vardır. Lakin bu məlumatlar cəmiyyətdə baş verən müsbət hadisələri kölgədə qoymamalı, informasiya birtərəfli olmamalıdır.
Məlumatın cəmiyyətə böyük təsir göstərdiyi, habelə operativ olaraq internet vasitəsilə əldə edildiyi nəzərə alınsa, onun nəticələrinə görə mətbuat nümayəndələrinin, ictimai xadimlərin, ziyalıların məsuliyyəti daha da artır.
Şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması, o cümlədən fikir və söz azadlığına hörmət, sağlam və əsaslı tənqidə münasib şəraitin yaradılması, hər bir demokratik dövlətin ümdə vəzifələrindəndir. Təhqir, reketçilik, böhtan xarakterli, yoxlanılmamış və qeyri-dəqiq məlumatların yayılması yolverilməz olduğu kimi, peşə etikası və peşəkarlıq tələblərinə riayət edilməsi də zəruridir. Odur ki, jurnalistlər qanunun tələblərinə əməl etməli, öz yazılarında vətəndaşların şəxsi və ailə həyatına müdaxilə edilməsi, onların işgüzar nüfuzuna xələl gətirilməsi, razılığı olmadan vətəndaşın şəxsi həyatı barədə, habelə həqiqətə uyğun olmayan məlumatların yayılması kimi hallara yol verməməli, bununla yanaşı, daim öz peşəkarlığının artırılması, cəmiyyətə dəqiq, qərəzsiz informasiyanın çatdırılması yönümündə çalışmalıdırlar.
Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün müxtəlif vaxtlarda insan hüquqları sahəsində maarifləndirmə tədbirləri, o cümlədən jurnalist yazıları üzrə müsabiqələr də keçirilmişdir.
Ənənəvi olaraq «10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü» münasibətilə parlament üzvlərinin, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda konfrans keçirilmiş, konfrans çərçivəsində «Hüquqlar - hamı üçün!»” adlı jurnalist yazıları müsabiqəsinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar.
Təsisatda elektron və yazılı medianın, rəqəmsal və online-jurnalistikanın inkişafı, jurnalistlərin, o cümlədən hüquq mövzusunda yazan media nümayəndələrinin peşə hazırlığının təkmilləşdirilməsi, müasir İKT-dən istifadəsi imkanlarının artırılması, informasiya açıqlığı və şəffaflığı, internet resurslarının, ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi istiqamətində silsilə tədbirlər keçirilir, media təmsilçilərinin fikir və mülahizələri nəzərə alınır.
Ölkəmizdə səfərdə olan Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndə heyətinin üzvləri qəbul edilmiş, geniş fikir mübadiləsi aparılmışdır. Fəaliyyətlərinin mətbuat mühiti, jurnalistlərin əmək və təhlükəsizlik şəraiti barədə araşdırmalar aparılmasına yönəldiyini bildirən qonaqlara son illər ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, informasiya əldə etmək, söz və ifadə azadlığı sahəsində görülən işlər barədə geniş məlumat verilmişdir.
Fikir və söz azadlığının müdafiəsini, söz və ifadə azadlığının təmin olunmasını daim diqqətdə saxlayan Müvəkkil jurnalistlərə qarşı kobud rəftar hallarını ötən dövrdə də nəzarətdə saxlamış, onların vəziyyətinə xüsusi diqqətlə yanaşmışdır.
Media hüquqlarının etibarlı müdafiəsi, fikir, söz və ifadə azadlığının səmərəli təmin olunması məqsədilə Müvəkkil jurnalistlərə qarşı kobud rəftar hallarının yolverilməz olduğunu bildirir, bu hallara yol verən şəxslərin, o cümlədən məmurların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını vacib hesab edir.
Hüquq pozuntusuna yol vermiş kütləvi informasiya vasitələri nümayəndələrinin tənbeh olunması üzrə dünya təcrübəsində mövcud olan alternativ üsulların tətbiq edilməsi məqsədəmüvafiqdir.
Müvəkkilin tapşırığına əsasən, aparatın əməkdaşları Penitensiar Xidmətin müəssisələrinə baxışlar zamanı digər məhkumlarla yanaşı, məhkum jurnalistlərlə, o cümlədən 1 saylı cəzaçəkmə müəssisəsində Fərəməz Novruzoğlu, 10 saylı cəzaçəkmə müəssisəsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, 13 saylı cəzaçəkmə müəssisəsində Tofiq Yaqublu, 14 saylı cəzaçəkmə müəssisəsində Sərdar Əlibəyli, 17 saylı cəzaçəkmə müəssisəsində “Talışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla da görüşmüş, onların saxlanma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənmiş, şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilmişdir.
Bakı İstintaq Təcridxanasında jurnalist Pərviz Həşimli ilə də görüşülmüş, bir qədər əvvəl isə Müvəkkil P.Həşimlinin atasını və həyat yoldaşını qəbul etmiş, müraciətlərini dinləmişdir. Burada saxlanılan jurnalistlər Seymur Həzi və  Xədicə İsmayılovanın da vəziyyəti diqqətdə saxlanılmış, onlarla görüş zamanı saxlama şəraitindən və rəftardan şikayətləri olmamışdır.
Məlum olduğu kimi, F.Novruzoğlu və Ə.Zeynallı ölkə Prezidentinin müvafiq sərəncamları ilə əfv edilərək azadlığa çıxmışlar.

İnformasiya əldə etmək azadlığı. Bu azadlığın daha səmərəli təmin edilməsi məqsədilə ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində görülən işlər ötən il də uğurla davam etdirilmiş, xüsusilə informasiya bazarının yaradılması istiqamətində mühüm addımlar atılmışdır.
Qeyd edilən ardıcıl fəaliyyətin nəticəsidir ki, Dünya İqtisadi Forumunun “The Global Information Technology Report” hesabatında ölkəmizin müvafiq sahədəki nəticələri nəzərə alınaraq, 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə respublikamız dünya üzrə ilk onluqda, şəbəkə hazırlığı indeksi üzrə 144 ölkə arasında 56-cı yerdə, MDB ölkələri arasında isə liderlər qrupunda bərqərar olmuşdur.
Təsisatın informasiya sahibi kimi fəaliyyəti səmərəli olmuş, kütləvi informasiya vasitələri, o cümlədən daha üstün keyfiyyətlərə malik olan çevik, dinamik yeni media strukturları, elektron qəzetlər və xəbər portalları ilə əlaqələrə mühüm yer verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində 2013-2014-cü illərdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Müvəkkil Aparatının strukturunun təkmilləşdirilməsi, aidiyyəti əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərlə bağlı Müvəkkilin Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə təqdim etdiyi təkliflərin icrasının sürətləndirilməsinə ehtiyac vardır.
İnformasiya əldə etmək hüququ ilə bağlı 21 müraciət daxil olmuş, bu müraciətlər təhlil edilmiş, müvafiq qurumlara sorğular göndərilmiş, səlahiyyətlər çərçivəsində həmin müraciətlərin həlli üçün tədbirlər görülmüş, əksər hallarda öz həllini tapmışdır. Bununla belə, qeyd edilməlidir ki, vətəndaşların informasiya sorğusunun cavablandırılmasında ciddi problem qalmaqdadır.
Qeyd edilənlərlə yanaşı, bir sıra dövlət orqanları tərəfindən vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsi məsələsinə hələ də demək olar ki, ciddi əhəmiyyət verilmir.
İnformasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirən Müvəkkil ötən il informasiya əldə edilməsi sahəsində təcrübənin öyrənilməsi və aşılanması üzrə fəaliyyətini davam etdirmişdir.
Müvəkkil dövlət qurumları və vətəndaş cəmiyyəti üçün paytaxt və regionlarda birgə silsilə maarifləndirici treninqlərin təşkilini, müvafiq tədris proqramları və modullarının hazırlanaraq çap olunmasını, informasiya sahibləri olan dövlət qurumlarının struktur bölmələrinin əməkdaşları tərəfindən müvafiq qanunun müddəalarının dərindən öyrənilməsi və tətbiqini, jurnalist kadrların yetişdirilməsinə, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlığının yüksəldilməsinə, peşə etikası qaydalarına əməl etməsinə, ixtisaslaşmasına diqqətin artırılmasını, vəzifəli şəxslər, mətbuat xidmətlərinin əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri və ümumilikdə əhali üçün paytaxt və regionlarda geniş hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasını, informasiya sahibləri olan dövlət qurumlarına ünvanlanmış sorğuların tam, obyektiv və operativ cavablandırılmasını, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsini, dövlət qurumlarının fəaliyyəti ilə bağlı öz internet resurslarında dolğun məlumatların yerləşdirilməsini, dövlət qurumlarında elektron məlumat toplusunun (reyestrin) yaradılmasını, informasiya sahibləri olan dövlət orqanlarının müvafiq informasiya strukturlarının işinin, həmçinin elektron resurslarının daha da təkmilləşdirilməsini, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təhlillərin aparılmasını, teleradio kanallarında verilişlərin təşkilini, davamlı əməkdaşlığın qurulmasını, ümumən canlı şəbəkə şəklində fəaliyyət göstərərək, müntəzəm görüşlərin keçirilməsini məqsədəmüvafiq hesab etmişdir.

Vicdan azadlığı. Əhalinin əsas hissəsini təşkil edən müsəlmanlarla yanaşı, xristian və yəhudi icmaları da respublikamızın ictimai-siyasi həyatında, sürətlə davam etdirilən quruculuq və inkişaf proseslərində yaxından iştirak edirlər.
Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənmiş, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilmişdir. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian və yəhudi inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edirlər.
Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 noyabr Sərəncamına əsasən, respublikada dini icmalara maliyyə yardımı göstərmək üçün ölkə Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılmışdır.
Ötən il Bakıda Qafqazda ən böyük olan Heydər məscidi dindarların istifadəsinə verilmişdir.
Heydər məscidinin açılışında ölkə Prezidenti bu dini məbədin regionda sülhə, əmin-amanlığa, sabitliyə və qarşılıqlı əməkdaşlığa xidmət edəcəyini, tarix boyu xalqımızın öz dini-mənəvi dəyərlərinə sadiq qaldığını, gənc nəslin milli adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasında, həmçinin dinlərarası dialoqun genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırmışdır.
Dini dəyərlərə dövlət səviyyəsində böyük hörmət nümayiş etdirilən respublikamızda ölkə Prezidentinin müvafiq sərəncamı ilə dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə ölkə Prezidentinin ehtiyat fondundan “Dini Mədəniyyətin İnkişafı Fondu”na müvafiq vəsaitin ayrılması da vicdan azadlığının etibarlı müdafiəsinin göstəricilərindəndir.
Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsi sahəsində vəziyyət də Müvəkkilin diqqətində olmuşdur. Ötən il vicdan azadlığının pozulması ilə bağlı daxil olmuş 9 müraciətin hər biri araşdırılmışdır.
Vicdan və əqidə azadlığına həsr edilmiş tədbirlərdə dini tolerantlıq, müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri, din vasitəsilə sülh mədəniyyəti, milli və dini dözümlülüyün bu sahədə rolu, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, uşaq və gənclərə dini tolerantlığın aşılanması məqsədilə təhsil müəssisələrində dinşünas və ilahiyyatçı alimlərin də qatıldığı maarifləndirmə tədbirlərində Müvəkkil də məruzə və çıxışlar etmiş, təkliflər vermişdir.
Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Cənubi Qafqazda din və etiqad azadlığı”, Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Müsəlman qadınlar: müasir dövrdə insan hüquqları” mövzularında keçirilmiş beynəlxalq konfranslarda iştirak edən təsisatın nümayəndələri Ermənistanın təcavüzü və apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində torpaqlarımızın beşdə bir hissəsi zəbt olunmaqla 1 milyonadək insanın öz doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi ilə yanaşı, bir çox dini-mədəni abidələrimizin, ziyarətgahların və məzarlıqların məhv edildiyini bildirmiş, insanın dini əqidəsinə hörmətlə yanaşılmasının irqçiliyin və dözümsüzlüyün hər hansı təzahürünün ləğvi ilə mümkün olduğunu, ölkəmiz üçün sülhün zərurət olduğunu, əmin-amanlığa nail olmağın mühüm əhəmiyyət kəsb etdiyini önə çəkərək, hər kəsin bu işə dəstək verməsinin vacibliyini diqqətə çatdırmışlar. Həmçinin qadınlara qarşı zorakılığın və məişət zorakılığının aradan qaldırılmasına prioritet kimi önəm verən Müvəkkilin bu sahədə dinamik fəaliyyəti, o cümlədən məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramlarının hazırlanması, qadınlara qarşı zorakılıqla mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, sığınacaqların yaradılması, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması və gender bərabərliyinə nail olmaq üçün görülən tədbirlər barədə ətraflı məlumat vermişlər.
Fəaliyyətə başladığı ilk günlərdən vicdan və dini etiqad azadlığının təmin edilməsinə xüsusi diqqət yetirən Müvəkkilin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə səmərəli əməkdaşlığı çərçivəsində dini konfessiya və icmaların, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə tədbirlər də keçirilmişdir.
Müvəkkilin təşəbbüsü və DQİDK ilə əməkdaşlıqda Milli Məclisin deputatlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “16 noyabr - Beynəlxalq Tolerantlıq Günü”nə həsr edilmiş “Azərbaycan - tolerantlığa nümunə ölkə” mövzusunda dəyirmi masa keçirilmiş, əhalisi polietnik və çoxmillətli olan ölkəmizdə tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğu, müxtəlif dinlərə mənsub insanların, azsaylı xalqların və etnik qrupların inkişafı üçün lazımi şərait yaradıldığı diqqətə çatdırılmışdır.

Seçki hüququ. 2014-cü il 23 dekabr tarixində keçirilmiş bələdiyyə seçkilərinə hazırlıq dövründə Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, yerli icra strukturlarının və polis orqanlarının, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə əhali qrupları arasında, icmalarda seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi və səsvermənin demokratik, azad və şəffaf keçirilməsinə xidmət edən maarifləndirmə tədbirləri təşkil edilmişdir.
Müvəkkilin təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə birgə Şəki, Gəncə, Cəlilabad, Füzuli və Qubada bələdiyyə seçkiləri üzrə silsilə regional maarifləndirmə tədbirləri keçirilmişdir. Həmin tədbirlərdə Mərkəzi Seçki Komissiyasının əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ətraf şəhər və rayonların dairə və məntəqə seçki komissiyalarının, bələdiyyə orqanlarının, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri iştirak etmişlər.
Beynəlxalq standartlara uyğun olaraq, daha da təkmilləşdirilmiş Seçki Məcəlləsinin, habelə ölkə Prezidentinin 2005-ci il 11 may tarixli və 2005-ci il 25 oktyabr tarixli məlum sərəncamlarının müddəalarının təbliği davam etdirilmişdir.
Ötən seçkilərdə olduğu kimi, Müvəkkilin və təsisatın əməkdaşlarının bələdiyyə seçkilərində müşahidəçi qismində iştirakı ilə əlaqədar seçki ərəfəsində Müvəkkilin dəvəti ilə Mərkəzi Seçki Komissiyası tərəfindən aparatda əməkdaşlar üçün seçki hüquqları ilə bağlı treninq təşkil olunmuşdur.
Mərkəzi Seçki Komissiyasının nümayəndəsi seçki qanunvericiliyi və təcrübəsi, namizədlərin qeydiyyatı, beynəlxalq və yerli seçki təcrübəsi, seçki prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklər, səsvermə qaydası, yerli və beynəlxalq müşahidəçilərin hüquqi statusu, səlahiyyətləri, müşahidələrin aparılması prinsipləri və qaydaları, seçki komissiyalarının səlahiyyətləri, həyata keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilmişdir. 
2014-cü il 23 dekabr tarixində keçirilmiş bələdiyyə seçkiləri günü Müvəkkil və 40 əməkdaşı Bakı şəhəri və ölkənin 48 rayonunda, habelə hərbi hissələrdə və cəzaçəkmə müəssisələrində 98 seçki dairəsi üzrə 402 seçki məntəqəsində müstəqil müşahidəçi qismində seçkilərə qatılmış, səsvermə prosesini izləmişlər.
Müşahidələrin nəticəsi onu deməyə əsas verir ki, ümumilikdə bələdiyyə seçkiləri demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilmişdir.
Müşahidə edilmiş bir sıra məntəqələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən veb-kameralar quraşdırılmış, seçkilərin gedişatının bilavasitə izlənilməsi üçün real şərait yaradılmışdır.
Müşahidələrin nəticəsi olaraq qeyd edilməlidir ki, səsvermə zamanı yerli icra strukturları və polis əməkdaşları tərəfindən səsvermə prosesinə müdaxilə halları müşahidə edilməmişdir. Eyni zamanda pozuntulara yol verilmiş bəzi seçki məntəqələri üzrə seçkilərin nəticələri ləğv edilmişdir.
Qeyd edilməlidir ki, əvvəlki bələdiyyə seçkilərində respublika üzrə seçilmiş bələdiyyə üzvlərinin müvafiq olaraq 4 və 26 %-i qadın olduğu halda, ötən seçkilərdə bu rəqəm 35 % təşkil etmişdir. Bu sahədə qadınlar arasında maarifləndirmə işi genişləndirilməklə Milli Məclisə 2015-ci ildə keçiriləcək seçkilərdə də qadınların sayının artırılması üzrə tədbirlər görülməsi məqsədəmüvafiqdir.
Ümumilikdə, bələdiyyə seçkiləri Seçki Məcəlləsinə uyğun həyata keçirilməklə ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləmişdir.
Müraciət etmək hüququ. “Elektron hökumət” portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin “bir pəncərə” prinsipi əsasında əhaliyə təqdim edilməsi də vətəndaşların əvvəlki illərdə üzləşdikləri bir çox problemlərin maneəsiz həllinə imkan vermişdir. Bu vəziyyət müraciət etmək hüququnun daha səmərəli təmin edilməsi ilə yanaşı, şikayətlərin azalmasında da özünü göstərmişdir.
Vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri ötən il də fəaliyyətini uğurla davam etdirmişdir. Vətəndaşların müraciət etmək hüququnun səmərəli təmini məqsədilə regional elektron müraciət terminallarının yaradılması da böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu müsbət təcrübə kimi dəyərləndirilməlidir. Həmin qəbullar əhali tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
Müraciət etmək hüququnun pozulması hallarının qarşısının alınmasında mühüm vasitəyə çevrilmiş “ASAN xidmət” sisteminin uğurlu fəaliyyəti ilə yanaşı, demək olar ki, əksər dövlət qurumlarında təşkil edilən və əməli fəaliyyətdə olan «qaynar xətt» sistemləri müraciətlərə, xüsusilə də şikayətlərə təxirəsalınmadan baxılmasını təmin etmişdir.
Göstərilən yenilik və irəliləyişlər müraciətlərin vaxtında cavablandırılması istiqamətində mühüm əhəmiyyət kəsb etməsi ilə yanaşı, bu hüququn təmin edilməsində bəzi problemlər, o cümlədən məmur özbaşınalığı, vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbul edilməsində yaradılan maneələr, müraciətlərə vaxtında baxılmaması və ya cavab verilməməsi, süründürməçilik halları hələ də qalmaqdadır.
Müraciət etmək hüququnun pozulması ilə bağlı ötən il 875 müraciət daxil olmuş, səlahiyyətlər çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Müraciətlərdə, xüsusilə də şikayətlərdə öz əksini tapmış problem və məsələlər üzrə təxirəsalınmaz, təcili və ya planlı tədbirlər görülmüş, ərizəçiləri narahat edən məsələlər araşdırılmış, nəticəsindən asılı olaraq, müvafiq tədbirlər görülmüş, habelə məlumatlandırma və izahat işləri aparılmış, əsasən pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
 Təhlillərin, monitorinqlərin və yerində araşdırmaların nəticələri göstərir ki, bir sıra hallarda vətəndaşların şikayətlə mərkəzi dövlət qurumlarına müraciət etməsinin əsas səbəblərindən biri müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və ya ayrı-ayrı məmurlarının öz vəzifələrini yetərincə icra etməmələridir. Bu problem yerli icra strukturlarında özünü daha çox göstərir.
İstər yazılı, istərsə də şifahi müraciətə qarşı biganə münasibət, vətəndaşların aidiyyəti dövlət qurumlarında qəbul edilməməsi, habelə lazımi izahatın verilməməsi təkrar şikayətlərə səbəb olur. Odur ki, mərkəzi icra hakimiyyəti orqanlarının və mərkəzi qurumların rəhbərləri tabelikdəki və ya fəaliyyətinə nəzarət etməli olduqları strukturların fəaliyyətini daim diqqətdə və nəzarətdə saxlamalı, qanun pozuntularının aşkar edilməsi, aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər görməlidirlər.
Ölkə Prezidentinin dəfələrlə birbaşa göstəriş və tapşırıqlarına, habelə cəzalandırmalara, həmçinin idarəetmənin təkmilləşməsinə və məmur-vətəndaş münasibətlərinin yeni tələblər səviyyəsində qurulmasına baxmayaraq, hələ də məmur özbaşınalığına və kobud rəftara yol verilir, bəzi məmurlar vətəndaşların etimadını doğrultmur, əhalinin qayğı və problemlərinə diqqətlə yanaşmırlar.
Bir sıra hallarda vəzifəli şəxslərin laqeydliyi və diqqətsizliyi obyektiv həqiqətin müəyyən edilməsinə imkan verməmiş, araşdırma prosesi uzanmış, süründürməçiliyə yol verilmişdir ki, bu da müraciət etmiş vətəndaşın təkrar şikayətlərinə səbəb olmuşdur. Belə ki, bəzi vəzifəli şəxslər tərəfindən Konstitusiya Qanununun tələblərinə riayət edilməməsi ilə müşayiət olunan hallar ərizəçinin bu və ya digər hüquqlarının pozulması və ya pozulmaqda davam etməsi ilə nəticələnmiş, yaxud da pozulmuş hüququn vaxtında bərpasına imkan verməmişdir.
Diqqəti çəkən hallardan biri də odur ki, vətəndaşın şikayəti üzrə Müvəkkil tərəfindən aidiyyəti dövlət qurumlarına yoxlama tapşırığı ilə bağlı verilmiş cavablarda bir sıra hallarda həmin vətəndaşın “şikayəti əsəbiləşərək yazdığı”, “müraciətində yanlışlığa yol verdiyi”, “savadı olmadığı üçün ərizədə yazılanlardan xəbərinin olmadığı”, araşdırma zamanı şikayətçi olmadığı kimi hallar da göstərilmişdir ki, bu da müvafiq müraciətlərin obyektiv araşdırılmasını şübhə altına almaqla yanaşı, həmin ərizələrin müəyyən vəzifəli şəxslərin təsiri və ya təzyiqi altında yazılmasını istisna etmir.
Nəticə olaraq qeyd edilməlidir ki, müraciət etmək hüququnun pozulması ilə bağlı daxil olmuş hər bir müraciət araşdırılmış, həmin müraciətlərin müvafiq dövlət qurumları, müəssisə, idarə və təşkilatları tərəfindən cavablandırılması təmin edilmiş, habelə Müvəkkil tərəfindən vətəndaşlara yazılı cavablar verilmişdir.

Hüquq və azadlıqların məhkəmə təminatı. Ölkəmizdə müasir məhkəmə infrastrukturunun yaradılması və davamlı olaraq təkmilləşdirilməsi, habelə əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması üzrə tədbirlər ötən il də davam etdirilmişdir. Bunun tərkib hissəsi kimi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən, məhkəmələrin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılmışdır.
Bu sistemin təşkili və fəaliyyəti, habelə ondan istifadə qaydaları Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə müəyyən və təmin edilməkdədir.
Ötən il daxil olmuş bir sıra şikayətlərdə əks etdirilmiş halların araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına müraciətlər edilmişdir.
Qeyd edilməlidir ki, Məhkəmə-Hüquq Şurasının iclaslarında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən ardıcıl islahatların nəticələri davamlı olaraq müzakirə edilmiş, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülmüş işlər qeyd olunmuş, yenicə istifadəyə verilmiş məhkəmə binalarında vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumat almaqları üçün şəffaflığın, o cümlədən elektron xidmətlərin təmin edilməsi, insanlara öz hüquqlarını həyata keçirməsi üçün əlverişli şəraitin yaradılması təqdir edilmiş, müvafiq tədbirlərin davam etdirilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevin və Qazax Rayon Məhkəməsinin hakimi Elnur Muxtar oğlu Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmişdir.
Müvəkkil ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri ötən il də davam etdirilmiş, aparatın əməkdaşları müxtəlif vaxtlarda həmin akademiyanın dinləyiciləri, o cümlədən hakimliyə namizədlər qarşısında məruzələrlə çıxışlar etmiş, onların suallarını cavablandırmışlar.
Ötən dövrdə daxil olmuş 1.367 şikayətdə hüquq və azadlıqların məhkəmə təminatı hüququnun pozulması ilə bağlı hallar öz əksini tapmışdır. Bu hüququn pozulması ilə bağlı şikayətlərdə məhkəmələrdə süründürməçilik, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin göndərilməməsi və ya gecikdirilməsi, mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, məhkəmə qərarlarının vaxtında icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapmışdır.
Müvəkkil məhkəmələrlə əməkdaşlığını davam etdirmiş, insan hüquqlarının pozulması aşkar edildikdə onun bərpası istiqamətində tədbirlər görmüş, həmçinin şikayətlərdə əks etdirilmiş halların məhkəmə gedişində nəzərə alınması üçün aidiyyəti məhkəmələrə müraciətlər olunmuşdur.
Məhkəmələr tərəfindən süründürməçiliyə, habelə məhkəmə məmurlarının bürokratik yanaşmalarına məruz qalmış vətəndaşların da hüquqlarının təmin edilməsi üzrə tədbirlər görülmüşdür.
Qeyd edilməlidir ki, prosessual qanunvericiliyin tələblərinə zidd olaraq, ərizəçiyə müəyyən edilmiş vaxtda məlumat verilməməsi onun öz qanuni hüquqlarından istifadə imkanlarının məhdudlaşdırılması ilə nəticələnir. Bu hallar göstərir ki, vətəndaşların qanunu bilməməsi və bəzi məhkəmə məmurlarının bundan istifadə etməsi nəticəsində bir sıra hallarda vətəndaşlar hüquq və azadlıqlarının məhkəmə təminatı hüququndan yetərincə istifadə edə bilmirlər.
Əhalinin hüquqi biliklərinin artırılmasına dəstək verilməsi baxımından ölkəmizin müxtəlif şəhər və rayonlarında dövlət hesabına xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması, hüquqi yardım göstərilməsi mexanizmini özündə əks etdirən qanunvericilik aktının hazırlanması bütün vətəndaşların, xüsusilə də aztəminatlı insanların keyfiyyətli hüquqi yardım almaq hüququnun etibarlı təmin edilməsinə böyük dəstək ola bilər.
Nəticə etibarilə, yol verilmiş nöqsanların və hüquq pozuntularının aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər davam etdirilməlidir.

İnsan hüquqlarının müdafiəsi sahəsində
hüquq-mühafizə orqanları ilə əməkdaşlıq

Prokurorluq orqanları ilə əməkdaşlıq. Qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, tabelik və siyasi bitərəflik prinsipləri əsasında prokurorluq orqanları ötən il də insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini hərtərəfli davam etdirmişdir.
Prokurorluq orqanları ilə bağlı 756 müraciət daxil olmuşdur. Bu müraciətlərin bir çoxu Baş Prokurorluq ilə qarşılıqlı əməkdaşlıq şəraitində araşdırılmış, pozulmuş insan hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülmüşdür.
Eyni zamanda istintaq orqanları tərəfindən eyni işlər üzrə qəbul edilmiş qərarların dəfələrlə ləğv edilməsinə baxmayaraq, müvafiq prokurorlar, müstəntiqlər və ya təhqiqatçılar barədə ciddi tədbirlər görülmür, onların məsuliyyəti məsələsinə baxılmır.
Müraciətlərdə, əsasən, istintaqın qeyri-obyektiv aparılması, cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işi üzrə icraatın dayandırılması, istintaqın gedişi barədə məlumatın verilməməsi kimi hallar öz əksini tapmışdır.
Bir sıra hallarda toplanmış materialda cinayət tərkibi olmaması qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qanuniliyi Müvəkkilin Baş Prokurorluğa müraciətindən sonra yoxlanılmış, tam və hərtərəfli araşdırma aparılmadığı müəyyən edildiyi hallarda həmin qərarlar ləğv edilərək, material üzrə əlavə araşdırma aparılması barədə göstəriş verilmişdir.
Ümumiyyətlə, pozulmuş insan hüquqlarının bərpasına, Müvəkkilin və ya Baş Prokurorluğun əlavə müdaxiləsinə ehtiyac qalmaması üçün yerli prokurorluq orqanlarının işinə nəzarət gücləndirilməlidir.
Bəzən yerli prokurorluq orqanlarının özündə belə cinayət işlərinin istintaqına səthi və qeyri-obyektiv yanaşma olmuş, lakin aradan qaldırılmışdır.
Qeyd etmək lazımdır ki, məhz ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən bəzi yerli prokurorluqlar tərəfindən təhqiqatın və ya istintaqın gedişinə zəif nəzarətin nəticəsidir ki, bir sıra hallarda toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında əsassız qərarlar qəbul edilmişdir.
Müvəkkilin Baş Prokurorluğa müraciətindən sonra cinayət işi öyrənilmiş, istintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilmədən əsassız olaraq cinayət işi üzrə icraat dayandırıldığı hallarda müvafiq qərarlar ləğv edilərək istintaqın davam etdirilməsi üçün prokurorluğa qaytarılmışdır.
Şikayətlərdə əks olunmuş halların yoxlanılması məqsədilə Müvəkkilin Baş Prokurorluğa müraciətlərindən sonra bəzən cinayət işi Baş Prokurorluqda nəzarətə götürülmüşdür.
İşə baxılmasının obyektivliyinin təmin edilməsi üçün Müvəkkilin araşdırması prosesində yerli prokurorluq orqanlarına yazılı göstərişlər də verilmişdir.
Müvəkkilin ünvanına daxil olmuş və korrupsiya hallarının öz əksini tapdığı şikayətlər Baş Prokurorluğa göndərilmiş, müvafiq araşdırmalar aparılaraq, qanunamüvafiq qərarlar qəbul edilmişdir.
İnsan hüquqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirlərin görülməsi, o cümlədən vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu, prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqının gedişi ilə bağlı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxslərin, onların qanuni nümayəndələrinin, müdafiəçinin, mülki cavabdehin məlumatlandırılması işinə diqqət daha da artırılmalıdır.
Yeri gəlmişkən, ötən il Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 46 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir.
Müraciətlər üzrə aparılmış araşdırmaların nəticələrinə əsasən demək olar ki, Baş Prokurorluq tərəfindən icra prosesinə, o cümlədən yerli prokurorluqların işinə nəzarətin artırılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması zəruri əhəmiyyət kəsb edir.

Ədliyyə orqanları ilə əməkdaşlıq. Müvəkkil hər il olduğu kimi, ötən il də Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıqda fəaliyyət göstərmişdir. Belə ki, Müvəkkilin təşəbbüsü ilə istər təsisatda, istərsə də regionlarda keçirilmiş tədbirlərdə ədliyyə orqanlarının əməkdaşları da iştirak etmişlər.
Ötən dövrdə nazirlik tərəfindən insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə məhkəmə sisteminin təkmilləşdirilməsi, notariat və qeydiyyat qurumlarının inkişaf etdirilməsi, yerli özünüidarə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində bir sıra işlər görülmüşdür.
Qeyd edilənlərlə yanaşı, Ədliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, vətəndaşların hüquq və mənafelərinin pozulmasına, o cümlədən onların müraciətlərinə qayğılı və həssas yanaşılmamasına, süründürməçiliyə yol verilməsinə və digər nöqsanlara görə 68 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 8-i ədliyyə orqanlarından xaric edilmiş, o cümlədən 2 nəfərin əməlinə hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanına göndərilmiş, 22-i tutduğu vəzifədən azad olunmuş, 12-nə tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilmiş, 14-ə şiddətli töhmət, 10-na töhmət verilmiş və 2-nə irad tutulmuşdur.
Nazirliyin fəaliyyət istiqamətlərindən olan vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması, habelə notariat fəaliyyətinin təşkil edilməsi, həmçinin məhkəmə qərarlarının icrasının təmin olunması sahəsində bir sıra problemli məsələlər, o cümlədən müraciətlərdə öz əksini tapmış hallar qarşılıqlı əməkdaşlıq şəraitində araşdırılmış, hüquq pozuntusu aşkar edildiyi halda, onun aradan qaldırılması üzrə tədbirlər görülmüşdür.
Ötən il məhkəmə qərarlarının icrası ilə bağlı daxil olmuş 704 müraciətin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, süründürməçilik hallarına yol verilməsi, vətəndaşların incidilməsi, hüquqazidd hərəkət və nöqsanlar ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərməklə yanaşı, vətəndaşların konstitusiya ilə müəyyən edilmiş hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnu pozur.
Ümumiyyətlə, bəzi məhkəmə icraçılarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməmiş və ya uzun müddət icrasız qalmış, bu da məhkəmə qərarına müvafiq olaraq tələbkar qismində çıxış edən vətəndaşların hüquqlarının pozulması ilə nəticələnmişdir.
Müvəkkil tərəfindən həyata keçirilmiş araşdırmalar nəticəsində bir çox vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir.
Alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 248 müraciət daxil olmuş, alimentin borclu tərəfindən vaxtaşırı ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud da ödənişin yubadılması üzrə şikayətlər daha çox olmuşdur.
Bir sıra hallarda alimentin tutulmasına dair məhkəmə icraçılarının icraatına daxil olmuş icra sənədləri üzrə müvafiq icra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq, borclu tərəfin işləməməsi, eləcə də onun adında tələbin yönəldilə biləcək əmlakın və digər gəlirlərin aşkar edilməməsi səbəbindən aliment borcunun ödənilməsində çətinliklər yaranmış və ya ödənişin təmin edilməsi mümkün olmamışdır.
Bu sahədə ciddi nəticənin əldə edilməsi, yəni borclunun öz üzərinə düşən vəzifələri vaxtında və qanunla tələb edilən qaydada yerinə yetirməsi üçün dövlətin səlahiyyətli qurumlarının məsələyə birbaşa yanaşması olduqca vacibdir.
Boşanmaların sayının artması, belə anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq, “Aliment Fondu”nun yaradılması (alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi mexanizminin hazırlanıb tətbiq edilməsi) zəruridir.
Əmlak, zəbt edilmiş ərazinin və ya mülkün boşaldılması, əmək haqqı üzrə borcun ödənilməsi tələbinə dair, habelə bu kimi digər məsələlərlə bağlı məhkəmə qərarlarının borclu tərəfindən könüllü icra edilmədiyi hallarda da qanunla müəyyən edilmiş məcburi tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq olaraq, vəzifəsi insan hüquqlarının təmin edilməsindən ibarət olan və buna görə cəmiyyət qarşısında məsuliyyət daşıyan dövlət qurumları tərəfindən məhkəmə qərarlarının icra edilməməsi isə tamamilə yolverilməzdir.
Müvəkkilə Ədliyyə Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlarda göstərilən icra işlərinin nəzarətdə saxlanıldığı və icraya nail olunması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli, 303 saylı Fərmanının tələbləri də nəzərə alınmaqla müvafiq tədbirlərin davam etdirildiyi bildirilsə də, bir çox məhkəmə qərarlarının icrası hələ də təmin edilməmişdir.
Odur ki, məhkəmə qətnamələrinə əsasən borclu dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan vəsaitlərin ödənişinin təmin edilməsi məqsədilə həmin qurumlara müvafiq maliyyə vəsaitinin ayrılması üzrə mexanizmin hazırlanması və tətbiq edilməsi olduqca zəruridir.
Ümumiyyətlə, məhkəmə qərarlarının icrası prosesində vətəndaşlara qarşı süründürməçiliyə yol vermiş icra məmurları ilə yanaşı, vəzifə səlahiyyətlərini qanunla tələb edilən səviyyədə yerinə yetirməyən icra məmurları məsuliyyətdən kənarda qalmamalı, onların fəaliyyətinə nəzarət artırılmalıdır.
Vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun tərkib hissəsi olan məhkəmə qərarlarının qanunla müəyyən edilmiş qaydada icrası istiqamətində, o cümlədən icra məmurlarının peşəkarlığının artırılması, onlar tərəfindən icra intizamına qanunla müəyyən edilmiş qaydada əməl olunması və məsuliyyət hissinin artırılması, süründürməçilik hallarına yol verilməməsi və icra işlərinə vaxtında baxılması üzrə tədbirlərin davam etdirilməsi bu sahədə mövcud olan və ya qarşıya çıxan problemlərin aradan qaldırılması imkanlarını daha da artıra bilər.

Daxili işlər orqanları ilə əməkdaşlıq. Daxili İşlər Nazirliyi ilə səmərəli əməkdaşlıq çərçivəsində Polis Akademiyasında, həmçinin paytaxtda və regionlarda polis əməkdaşları üçün bir çox maarifləndirici tədbirlər təşkil edilmiş, insan hüquqları sahəsində qarşılıqlı əlaqələr inkişaf etdirilmişdir.
Ötən il polis orqanları ilə bağlı daxil olmuş 1.928 müraciətdə, əsasən, təhqiqat və ya istintaqın qeyri-obyektiv aparılması, o cümlədən cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işinə xitam verilməsi və ya cinayət işi üzrə icraatın dayandırılması, habelə süründürməçilik, şikayətlə bağlı prosessual qərarın qəbul edilməməsi, müraciətə cavab verilməməsi, polis əməkdaşları tərəfindən istər ümumi xidməti fəaliyyət gedişində, istərsə də təhqiqat və istintaq prosesində vətəndaşla münasibətdə kobud rəftara yol verilməsi kimi hallar öz əksini tapmışdır.
Təhqiqatçı və müstəntiq törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyətləri daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək vəzifələrini yerinə yetirməlidir.
Bəzi təhqiqatçıların və müstəntiqlərin qeyri-peşəkarlığı və ya hətta bir sıra hallarda cinayətin üstünü bilərəkdən ört-basdır etmək cəhdləri, habelə toplanmış materiallar üzrə yoxlamaların natamam aparılması, prosessual pozuntulara yol verilməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında tələsik qərar qəbul edilməsi də çoxsaylı şikayətlərə səbəb olmuşdur.
Müvəkkil belə hallarda aşkar etdiyi hüquq pozuntusunun qarşısını almaq məqsədi ilə istintaqa nəzarəti həyata keçirən prokurorluq orqanlarına müraciət etmiş, nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar ləğv edilmiş, bununla da vətəndaşın pozulmuş hüquqları bərpa edilmiş, müsbət nəticələr əldə olunmuşdur.
Qeyd edilməlidir ki, Müvəkkilin bir sıra şikayətlərlə bağlı Baş Prokurorluğa müraciətlərindən sonra müvafiq qərarlar nəinki bir dəfə, hətta dəfələrlə öyrənilmiş və ləğv edilmişdir.
Müvəkkilin şikayətlər üzrə prokurorluq orqanlarına müraciətlərindən sonra aparılmış yoxlamalar əsasında cinayət işi üzrə qəbul edilmiş qərarın əsaslılığı öyrənilərkən bəzən araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün zəruri istintaq hərəkətlərinin yerinə yetirilmədiyi, iş üzrə vacib və mühüm əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin icrasının tam təmin olunmadığı, qəbul edilmiş müvafiq qərarda olan göstərişlərin tam icra edilmədiyi, ifadələr arasında olan ziddiyyətlərin aradan qaldırılmadığı müəyyən edildiyi hallarda cinayət işinin icraatına xitam verilməsi və ya iş üzrə icraatın dayandırılması haqqında qərarlar ləğv edilmiş, iş üzrə yazılı göstəriş verilməklə təkrar istintaqa qaytarılmışdır.
Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək, xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək kimi müvafiq qərarlardan birini qəbul etməlidir. Buna baxmayaraq, həmin orqan vətəndaşın ərizəsi üzrə müvafiq qərarlardan birini qəbul etmək əvəzinə, həmin ərizəni “işə almaqla” vəzifəsini bitmiş hesab edir ki, bu da cinayət prosessual qanunvericiliyinin tələblərinə ziddir. Bəzən şikayətin prosessual qaydada araşdırılması əvəzinə, təhqiqatçının “işə alma” qərarı mübahisələndirilməmişdir.
Müvəkkilin müraciətlərinə əsasən aparılmış araşdırmalar zamanı qanun pozuntularına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməyən, o cümlədən "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin tələblərini pozmuş, vətəndaşlara hörmətsizlik nümayiş etdirmiş, xidməti səlahiyyətlərini aşmış polis əməkdaşlarına intizam cəzaları tətbiq edilmiş, işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülmüşdür.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi ötən il tutulan və ya həbs olunan şəxslərə işgəncə vermə, habelə qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və cəzaya məruz qoyma faktları qeydə alınmamışdır. Lakin idarədaxili nəzarət qaydasında aşkarlanmış əsassız saxlama, əsassız gətirmə və kobud rəftar kimi faktlar prosessual qanunvericilik çərçivəsində hərtərəfli və obyektiv araşdırılaraq hər biri üzrə qanuni qərarlar qəbul edilmişdir. Belə ki, ötən il ərzində təsdiq olunmuş 277 fakt üzrə (onlardan 133-ü vətəndaşlarla kobud rəftar, 69-u polisə əsassız gətirmə və saxlama, 52-si sürücülərin hüquqlarının pozulması, 3-ü əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 17-si isə digər faktlar) 343 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 21-i daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 37 əməkdaş tutduğu vəzifədən azad edilmiş, 285 əməkdaş barəsində digər intizam tədbirləri görülmüşdür.

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, bu sahədəki problem və nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilmişdir. Dövlət Yol Polisi əməkdaşları ilə bağlı ötən il daxil olmuş 172 müraciətdə, eyni zamanda bəzi əməkdaşlar tərəfindən sürücülərlə kobud rəftar, etik davranış qaydalarını pozma, qeyri-peşəkar münasibət kimi hallar öz əksini tapmışdır.
Müraciətlərin təhlili və monitorinqlərin nəticələri göstərir ki, bütün ölkə üzrə, o cümlədən Bakı şəhərində avtomobil yollarında qəzalar əsasən, nəqliyyat vasitələrinin sayının sürətlə artması, habelə bu vasitələrin və insanların təhlükəsizliyini təmin edən texniki baxış proqramının olmaması, bəzən yolların texniki vəziyyəti, avtomobillərin sayı və sıxlığı, sürücülük hüququ olmadan və ya sərxoş vəziyyətdə, yüksək sürət və ötmə qaydalarının pozulması ilə idarə edilməsi səbəbindən baş verir. Odur ki, baş vermiş yol qəzalarının, müvafiq ərazi, günün vaxtı və ilin fəsli nəzərə alınmaqla təhlil edilməsi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, habelə aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları da cəlb edilməklə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsi məqsədəmüvafiqdir.

1.2.  İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi

Əmək hüquqlarının müdafiəsi. İşəgötürənlər tərəfindən ehtiyaclı insanların əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi ötən illərin ən ciddi problemlərindən olmuş və Müvəkkil bunun həlli məqsədilə istər illik məruzədə, istərsə də səlahiyyətli dövlət qurumlarına müraciətlərində təxirəsalınmaz və sərt tədbirlərin görülməsini təklif etmişdir. Bu təklif Əmək Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapmış, işəgötürənlərin üzərinə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək vəzifəsi qoyulmuş, həmçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati və cinayət məsuliyyəti, habelə maliyyə sanksiyası müəyyən edilmişdir.
Ötən ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İş yerinə dair arayış” adlı yeni elektron xidmətin yaradılması və vətəndaşların istifadəsinə verilməsi də mövcud sahədə süründürməçilik hallarının qarşısının alınmasında əhəmiyyətli olmuşdur.
Əmək hüquqları ilə bağlı 672 müraciət daxil olmuşdur. Vətəndaşların ədalətli və əlverişli əmək şəraitinə olan hüquqları bir sıra hallarda pozulmuşdur. Belə ki, müraciətlərdə, əsasən, qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmə, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməsindən imtina, əmək haqqının və məzuniyyət pulunun vaxtında verilməməsi, əmək haqqı üzrə borcların ödənilməməsi, son haqq-hesabın və əmək kitabçasının, habelə əmək haqqı və ya iş yeri barədə arayışın verilməməsi, əmək haqqına nəzərdə tutulmuş bəzi ödənişlərin vergiyə cəlb edilməsi və ya müvafiq əlavələrin hesablanmaması, əmək bölgüsünün düzgün aparılmaması kimi hallar öz əksini tapmışdır.
Müraciətlərin araşdırılması zamanı insanların pozulmuş əmək hüquqlarının bərpası məqsədilə konkret addımlar atılmış, müxtəlif tədbirlər görülmüşdür.
Müvəkkil ilə Dövlət Əmək Müfəttişliyi arasında davam etməkdə olan səmərəli əməkdaşlıq çərçivəsində müraciətlərin araşdırılması prosesində əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə münasibətdə ciddi tədbirlər görülmüşdür.
Belə ki, bir sıra hallarda işəgötürənlər inzibati məsuliyyətə cəlb olunmuş, barələrində inzibati protokol tərtib edilmiş və ya cərimə tətbiq olunmuşdur.
Müvəkkilin səyləri nəticəsində bir sıra hallarda işdən azad edilmiş şəxslərin işə bərpası təmin edilmişdir.
Məlumatlara əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin ötən il həyata keçirdiyi dövlət nəzarəti tədbirləri nəticəsində işəgötürənlər tərəfindən 20.417 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilmiş, ümumilikdə 1.915.347 manat cərimə tətbiq edilmişdir.

Sosial təminat hüququ. Dövlət büdcəsinin xərclər bölümünün tərtibi zamanı sosial müdafiəyə ehtiyacı olan qruplara xüsusi diqqət göstərilmişdir və əhalinin bu təbəqələrinə aid insanların, o cümlədən aztəminatlı ailələrin, pensiyaçıların, əlillərin, məcburi köçkünlərin sosial müdafiəsinə ayrılan məbləğ ildən-ilə artırılmaqdadır. 
Sosial təminata ehtiyacı olan əhali qruplarının vəziyyətinin araşdırılması və qanunvericilikdə bununla bağlı dəyişikliklər aparılması zəruri olmaqla belə, həm də davamlı prosesdir. Əhalinin, xüsusilə də qayğıya daha çox ehtiyacı olan aztəminatlı qrupların rifah halının yüksəldilməsi yönümündə davam etdirilən tədbirlər özünü müsbət istiqamətdə göstərməkdədir. Müvəkkilin bu istiqamətdə irəli sürdüyü təkliflər də getdikcə həllini tapmaqdadır.
Müvəkkil Nazirlər Kabinetinin 2009-cu il 30 aprel tarixli, 74 saylı Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi»nə yenidən baxılması, real ehtiyaclar nəzərə alınaraq, həmin tərkibdə öz əksini tapmış ərzaq məhsullarının, qeyri-ərzaq mallarının və xidmətlərin siyahısına, habelə istehlakın həcminə müvafiq əlavələr edilməsi təklifi də öz həllini tapmışdır.
Nəzərdə tutulmuş birdəfəlik müavinətlərin ödənilməsi hallarının geniş qrupu əhatə etmədiyini və zəruri hallarda ödənilməsini nəzərə alaraq, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün ödənilən müavinətin, uşağın anadan olmasına görə müavinətin və dəfn üçün müavinətin artırılması üzrə vəsaitin nəzərdə tutulması zəruridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən internat məktəblərini bitirən, 360 kimsəsiz uşağı əhatə edən sosial evlər tikilməkdədir ki, bununla da Müvəkkilin əvvəlki illik məruzələrində internat tipli müəssisələrdə tərbiyə alan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, müvafiq yaş həddinə çatdıqda oranı tərk edən uşaqların təhsilinin davam etdirilməsi, yaşayış və iş yeri ilə təmin edilməsi üzrə təklifi öz həllini tapmışdır.
Sosial təminat hüququ ilə bağlı ötən il 1.108 müraciət daxil olmuşdur. Müraciətlərin təhlili prosesində əhalinin sosial təminat hüququnun daha səmərəli müdafiəsinə yönəlmiş hallara xüsusi diqqət yetirilmişdir. Pensiyanın təyin edilməsi zamanı və ya yenidən hesablanması hallarında müəyyən edilmiş məbləğdən narazı qalmış vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılmış və həllini tapmışdır.
 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) bu Qanunla müəyyən edilmiş ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır.

Ünvanlı dövlət sosial yardımı almaq hüququnun təmin edilməsi ilə bağlı qəbul edilmiş qanunvericilik aktlarının tətbiqi prosesində aşkar edilmiş çatışmazlıqlar və hüquqi boşluqlar, habelə insanların sosial təminat hüququnun əməli təmin edilməsinə maneə yaratmış hallar nəzərə alınmaqla, vətəndaşların hüquqları və qanuni maraqları əsas götürülməklə təkmilləşdirilməkdədir. Həmin yardımın alınması üçün müəyyən edilmiş sənədlərin aidiyyəti quruma təqdim edilməsi, o cümlədən müraciət edən vətəndaşdan birbaşa sənəd tələb olunması prosedurunun aradan qaldırılması üzrə işlər aparılır.
Hazırlanmaqda olan yeni qaydalara əsasən ünvanlı sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir. Elektron sistem tətbiq olunduqdan sonra isə vətəndaşlar telefonla zəng etməklə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron ünvanına daxil olub, öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə ünvanlı sosial yardım üçün müraciət edəcəklər.
Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı Müvəkkilin ünvanına 464 müraciət  daxil olmuşdur. Təhlillər göstərir ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə əlaqədar çətinlik və süründürməçilik halları ötən illərə nisbətən azalmışdır.
Müvəkkil ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı daxil olan hər bir müraciət üzrə araşdırma aparmış, bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olmuşdur.

Sağlamlığın qorunması hüququ. Əhalinin sağlamlığının qorunması istiqamətində ötən il də bir sıra mühüm işlər görülmüş, o cümlədən müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilmiş, bütövlükdə tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
Ötən il sağlamlığın qorunması hüququ ilə bağlı 528 müraciət daxil olmuşdur. Bu müraciətlərdə əhalinin sağlamlıq durumu ilə bağlı öz əksini tapmış məsələlər üzrə aparılmış araşdırmalar nəticəsində pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
Təhlillər göstərmişdir ki, müraciət edənlər əsas etibarilə aztəminatlı ailələrdən olan vətəndaşlardır. Belə ki, müraciətlərdə bir qayda olaraq, müalicə və müayinənin dövlət hesabına həyata keçirilməsi, dərman preparatlarının verilməsi kimi məsələlər əksini tapsa da, sağlamlıq hüququnun qorunmasının digər aspektləri ilə bağlı problemlər də olmuşdur.
Ailəsinin maddi imkansızlığını nəzərə alaraq, dövlət hesabına müayinə və müalicə olunmasında  köməklik göstərilməsinə dair ərizələrlə bağlı Səhiyyə Nazirliyinə ünvanlanmış müraciətlərdən sonra həmin xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsi, həmçinin dərman preparatları ilə təmin edilməsi məqsədilə aidiyyəti səhiyyə müəssisələrinə, o cümlədən mərkəzi şəhər və rayon xəstəxanalarına müvafiq tapşırıqlar verilmişdir.
 İxtisaslaşmış tibbi yardıma ehtiyacı olan vətəndaşlarla bağlı Müvəkkilin Səhiyyə Nazirliyinə aidiyyəti üzrə müraciətlərindən sonra bir çox vətəndaşlar yüksək səviyyədə müvafiq tibbi yardımla təmin edilməsi, habelə müayinə və müalicəsinin təşkili məqsədilə ixtisaslaşmış klinikalara, o cümlədən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, Milli Onkologiya Mərkəzinə və digər müəssisələrə göndərilmişlər.
Dövlət hesabına respublikadan kənarda müayinə və müalicənin həyata keçirilməsində köməklik məqsədilə Səhiyyə Nazirliyinə müraciətlər edilmiş, müalicə ilə bağlı müvafiq rəy verilməsinə dair nazirliyin nəzdində fəaliyyət göstərən «Vətəndaşların Respublikadankənar Müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya»ya göstəriş verilmişdir.
Bir sıra müraciətlər üzrə aparılmış araşdırmalar prosesində vətəndaşların ərizələri müvafiq rəy verilməsi üçün Səhiyyə Nazirliyinin, habelə onun tabeli müəssisələrinin ixtisaslaşmış komissiyalarına, o cümlədən “Kardiocərrahiyyə əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi və hospitallaşdırılması üzrə komissiya”ya, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının nəzdində yaradılmış xüsusi komissiyaya, “B” və “C” viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiya”ya göndərilmişdir.
Ölkəmizdə dünyaya övlad gətirən qadınlar arasında təbii doğuşların sayının getdikcə azalması, doğuş zamanı və sonra ana və uşaq ölümləri, gələcək uşağın arzuolunmayan cinsinə görə hamiləliyin süni dayandırılması halları ciddi narahatlıq doğurmaqdadır.
Həyati göstəriş olmadan əksər hallarda hamilə qadınlarda qeysəriyyə əməliyyatının aparılması nəticəsində baş verən ana və uşaq ölümlərini, onların əlil olmasını, körpələrin qüsurla doğulmasını nəzərə alaraq, bu əməliyyatın qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinə, o cümlədən qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər barədə inzibati məsuliyyətin, habelə Səhiyyə Nazirliyi tərəfindən “Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları”nın və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilməsinə, Doğuşa Yardım Komissiyasının fəaliyyət göstərməsinə baxmayaraq, mövcud durumda nəzərəçarpacaq dəyişikliklər hiss edilmir.
Araşdırmalar göstərir ki, adətən həkimlər ana və yeni doğulanların ölüm hallarına görə demək olar ki, məsuliyyətdən kənarda qalır, törətdikləri əmələ uyğun cəzalandırılmırlar. Belə faciələrə yol vermiş həkimlərə verilən istənilən inzibati cəza problemə səthi yanaşma olmaqla yanaşı, onun ciddi həllinə imkan vermir.
Odur ki, ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, təhlükəsiz analığın təmin edilməsi, sağlam, istənilən sayda və ara verməklə arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında ölüm, habelə dölün arzuolunmayan cinsinə görə hamiləliyin süni dayandırılması hallarının qarşısının alınması məqsədilə ana və uşaq ölümlərinin səbəblərinin təhlil edilməsi, qeysəriyyə əməliyyatının tibbi əsaslarına əməl edilməsinin birgə monitorinqinin aparılması, nəticələrinin təhlil edilməsi və müvafiq tədbirlər görülməsi Səhiyyə Nazirliyinə təklif edilmişdir.
Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin göstərilməsi sahəsində hüquqi əsasların tənzimlənməsinə, qadınlar arasında geniş yayılmış xəstəliklərin profilaktikasına, ekstrakorporal mayalanmalar zamanı donor mənşəyinə, gələcək uşağın arzuolunmayan cinsinə görə hamiləliyin süni dayandırılması hallarına nəzarətin artırılması ailənin möhkəmləndirilməsinin milli prioritet olduğu ölkəmizdə böyük əhəmiyyət kəsb edir.
Təsisatın fəaliyyət istiqamətlərindən birini təşkil edən İİV-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsinə, o cümlədən, bu sahədə, habelə narkomaniyaya və toksikomaniyaya qarşı mübarizədə maarifləndirmə işinin təşkilinə xüsusi diqqət yetirilmiş, Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə bir sıra maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Müvəkkil ruhi xəstələrin hüquqlarının təmin edilməsi vəziyyətini diqqətdə saxlamış, mütəmadi olaraq bu xəstələrin müalicəsi üçün müvafiq tibb müəssisələrində yaradılmış şəraitlə tanış olmuş, əhalinin köməyə daha çox ehtiyacı olan bu kateqoriyasının problemlərini öyrənmiş və həllində yardımçı olmuşdur.
Milli Preventiv Qrupun üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Buzovna qəsəbəsindəki 9 saylı İxtisaslaşdırılmış ruhi-əsəb, əlil və qocalar üçün internat evinə, Şağan qəsəbəsində yerləşən Əqli qüsurlu uşaqlar üçün 3 saylı  internat evinə, Qazax, Şəki, Gəncə və Salyan rayonlararası psixiatriya xəstəxanalarına, habelə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirmiş, orada olan şəxslərə qarşı rəftar, saxlanma şəraiti və qidalanma məsələlərini araşdırmış, sakinlərlə görüşmüş, rəftar və şərait qiymətləndirilmişdir.
Baxışlar və monitorinqlər zamanı müxtəlif psixonevroloji müəssisələrdə xəstələrin qidalanması məsələsində fərqli yanaşmalar diqqəti xüsusilə cəlb etmişdir. Odur ki, Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisində 2014-cü ilin Dövlət büdcəsi layihəsinin müzakirələri zamanı bir sıra digər məsələlərlə yanaşı, psixonevroloji müəssisələrdə müalicə olunan hər bir xəstə üçün orta sutkalıq ərzaq normasına ayrılan vəsaitin məbləğinin mövcud normativə uyğunlaşdırılması, bu normaya uyğun “vahid məbləğ”in müəyyən edilməsi, xəstələrin sutka ərzində normal qidalanması məqsədilə tədbirlərin görülməsi üzrə təklifini də diqqətə çatdırmış, eyni təkliflərlə Maliyyə Nazirliyinə müraciətindən sonra 2014-cü il 1 yanvar tarixindən hər bir xəstə üçün orta sutkalıq ərzaq normasına ayrılan vəsaitin məbləği 5 dəfə artırılmışdır.

Təhsil hüququ. Təhlil və müşahidələr göstərir ki, təhsilin inkişafına xidmət edən qanunvericilik aktlarının və yeni proqram sənədlərinin qəbul edilməsinə baxmayaraq, təhsilin keyfiyyətindəki bir sıra problemlər, habelə tədris prosesindəki nöqsanlar hələ də qalmaqdadır ki, bu da haqlı narazılıqlara səbəb olur.
Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində artıq altıncı tədris ilidir ki, orta ümumtəhsil məktəblərində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda pilləli tədris proqramı uğurla həyata keçirilməkdədir.
Ötən ilin fevral ayından Bakı şəhərinin 12 rayonunun hərəsindən bir məktəb, respublikanın 8 rayonunun, o cümlədən Xızı, Siyəzən, İsmayıllı, Oğuz, Lənkəran, Salyan, Goranboy, Tovuz rayonlarının hərəsindən isə üç məktəb seçilməklə, uşaq hüquqlarının  pilləli tədrisi davam edir. İnteraktiv formada, üç pillə üzrə  həyata keçirilən dərslər  müəllimlər və şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Təsisatda hazırlanmış “Uşaq hüquqları hamı üçün” adlı kitab və “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitindən, digər hüquqi nəşrlərdən və plakatlardan tədris prosesində istifadə edilir.
Həmin tədris proqramı insan hüquqları mədəniyyətinin təbliğinə, cəmiyyətdə və məktəb mühitində uşaq hüquqlarının yeniyetmə yaşlarından öyrədilməsinə, uşaq və gənclərin, müəllimlərin hüquq düşüncəsinin və bacarıqlarının artırılmasına xidmət etməkdədir.
Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması zəruridir. Kənd rayonlarında, xüsusilə kənd yerlərində bir çox məktəbəqədər tərbiyə müəssisələrinin uyğunlaşdırılmış binalarda fəaliyyət göstərməsi, bir sıra belə müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması və bağlanılması xüsusi narahatlıq yaratmaqdadır.
Müraciətlərdə müvafiq yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud müəssisələrin uşaqların sayı baxımından tələbatı ödəməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb edilməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar öz əksini tapmışdır.
Təhsil Nazirliyinin ötən tədris ilindən müəllim hazırlığı işində yeni standartlara keçməsi, bu məqsədlə pedaqoji kadr hazırlayan ali məktəblərin tədris proqramlarında dəyişikliklər edilməsi təqdirəlayiqdir.
Ötən ildə ilk dəfə Bakı şəhərində 30 mindən çox müəllim sınaq imtahanına cəlb edilməklə fənn bilikləri, metodika və o cümlədən kommunikativ bilikləri yoxlanılmışdır. Nəticə etibarilə, sınaqda iştirak edən müəllimlərin 85 faizinin qənaətbəxş, 14 faizinin isə zəif nəticə göstərdiyi bildirilmişdir.
Təhsil hüququ ilə bağlı ötən il 129 müraciət daxil olmuşdur. Bu müraciətlər üzrə aparılan araşdırmalar nəticəsində bir sıra nöqsanlar aşkar edilmiş, günahkar şəxslər cəzalandırılmışlar.
Təhlillər göstərir ki, pedaqoji kollektivdə qarşılıqlı qərəzli münasibətlər, müəllimlər arasında olan qeyri-sağlam mühit tədris prosesinə mənfi təsir göstərməklə yanaşı, tərbiyə işinin də düzgün qurulmasına maneçilik törədir.
Araşdırmalar zamanı xüsusilə məktəb direktorlarının müəllimlərə qarşı münasibətdə ayrı-seçkiliyə yol verməsi, dərs bölgüsünün düzgün aparılmaması, rüşvət qarşılığında müəllimlərin məktəbdə repetitor kimi fəaliyyətinə icazə verilməsi kimi hallar müəyyən edilmişdir.
Bir sıra məktəblərdə direktorlar tərəfindən dərsə davamiyyəti, habelə bilik səviyyəsi zəif olan uşaqların istər pedaqoji şuranın, istərsə də valideynin “sinifdə saxlamaq” hədəsi altında məcbur edilməsi yolu ilə şəxsi ərizəyə əsasən məktəbdən xaric edilməsi halları müşahidə olunmuşdur. Qeyd edilən hallar bəzi yeniyetmələrin hüquqlarının pozulmasına, təhsildən kənarda qalmasına, habelə müxtəlif mənfi vərdişlərə sahiblənməsinə, hüquq pozuntuları törətməsinə səbəb olur.
Yeniyetmələrə, o cümlədən təhsildən yayınan uşaqlara münasibətdə vaxtında tərbiyəvi tədbirlərin tətbiq edilməməsi, istər valideynlər, istərsə də təhsil müəssisələri tərəfindən nəzarətsiz qalmaları onlarda hüquqpozmalara meyilliliyin yaranmasına, inzibati xətaların, hətta cinayətlərin törədilməsinə səbəb olur. Nəticədə tədrisi və təlim-tərbiyə vəzifələrini öz üzərinə götürən məktəblər onlara rəhbərlik edən direktorların şəxsində müxtəlif mənfi halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılması, preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə sosial-mənəvi aspektlərin öyrənilməsi əvəzinə, əksinə, hüquqi məsuliyyəti dərk etmədən buna təkan vermiş olurlar.
Bakıda və bölgələrdə çoxsaylı yeni məktəb binası tikilmiş, mövcud məktəblər üçün əlavə korpuslar inşa edilmiş, habelə əsaslı təmir işləri aparılmış, müasir avadanlıqlarla təchiz olunmuşdur. Bununla yanaşı, şəhər və rayonlarda yerləşən bir sıra məktəb binaları hələ də tədris prosesi üçün yararsız, bəziləri isə hətta qəza vəziyyətindədir.
Təhsil müəssisələrində, xüsusilə də internat evlərində uşaqların təhsili və sosial müdafiəsi məsələlərinə ötən dövrdə də Müvəkkil tərəfindən xüsusi diqqət verilmişdir. Belə ki, Milli Preventiv Qrupunun üzvləri Bakı Şəhər İcra Hakimiyyətinin 1 və 2 saylı uşaq, habelə Lənkəran və Lerikdəki internat evlərinə başçəkmələr həyata keçirmiş, uşaqlarla görüş zamanı onlar pis rəftar və kobud davranışla bağlı şikayət etməmişlər. R.Ağakişiyev adına Goranboy şəhər ümumi orta internat məktəbinə başçəkmə zamanı aşkar edilmiş bir sıra nöqsanlar isə Müvəkkilin Təhsil Nazirliyinə müraciətdən sonra aradan qaldırılmışdır.
Ali təhsilin təmin edilməsi ilə bağlı müraciətlərdə diplomun və diploma əlavənin verilməsi zamanı pul tələb edilməsi, diplomların verilməsində, habelə xarici ölkələrdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə prosedurun həyata keçirilməsində süründürməçiliyə yol verilməsi, bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə köçürməyə, eyni zamanda təhsil haqqından azad edilməyə kömək göstərilməsi kimi hallar öz əksini tapmışdır.
Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin müvafiq yataqxanalarda yerlə təmin edilməsi, bu mümkün olmadıqda isə onlara mənzil kirayəsi haqqının ödənilməsi zəruridir. Bununla yanaşı, ali və orta ixtisas məktəblərinə ödənişli əsaslarla daxil olmuş və oxuduğu müddətdə ən yüksək nəticələr göstərmiş tələbələrin növbəti yarımil üçün təhsil haqqının ödənilməsindən azad edilməsi ali təhsilin stimullaşdırılmasına xidmət edə bilər.
Təhsili davam etdirmək üçün ali təhsil müəssisələrində əyani təhsilalma formasında magistraturada təhsil alanlara təhsilini bitirənədək çağırışa möhlət verilməsi təklif edilir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müddətinin başa çatdığı nəzərə alınaraq, qarşıdakı illər üçün yeni proqramın hazırlanıb tətbiq edilməsi də zəruridir.
Müvəkkilin ötən dövrlərdə müəllim ixtisası üzrə respublikanın kənd rayonlarında, xüsusilə döyüş (cəbhə) bölgələrində və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə orta məktəblərdə işə başlamış gənc mütəxəssislər üçün güzəştlərin müəyyən edilməsi ilə bağlı təklifi Nazirlər Kabinetinin 2014-cü il 15 avqust tarixli qərarında öz əksini tapmış, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə bir sıra güzəştlər müəyyən edilmişdir. Bununla belə, kadr çatışmazlığı məsələsinin həlli üzrə təsirli tədbirlər görülməlidir.

Mənzil hüququ. Bu hüququn təmin edilməsi sahəsində olan problemlərin həlli məqsədilə mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğun mənzil siyasətinin formalaşdırılması, habelə mənzillə təmin edilmə məsələsinin həllinə kompleks yanaşmanı, o cümlədən köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini də özündə əks etdirən konsepsiyanın və məqsədli dövlət proqramının hazırlanması və həyata keçirilməsi, ipoteka kreditlərinin verilməsi şərtlərinin əhalinin alıcılıq qabiliyyətinə müvafiq asanlaşdırılması tövsiyə olunur.
Ötən il mənzil hüququ ilə bağlı 476 müraciət daxil olmuşdur. Bu müraciətlərdə əsasən, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, bundan əsassız imtina və süründürməçiliyə yol verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların dələduzluq yolu ilə aldadılması, dövlət ehtiyacları üçün alınmış mülkiyyətin əvəzində uyğun olmayan kompensasiyanın verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, qəzalı vəziyyətdə olan yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi kimi hallar öz əksini tapmışdır.
Vətəndaşlara məxsus torpaq sahələrində Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq, məlumatlandırma icraatı qaydasında fərdi evin tikilməsi üçün rayon icra hakimiyyətlərinə göndərdikləri müvafiq sənədlərə (ərizə, torpağın sənədləri, layihə və layihəni icra edən şirkətin lisenziyasının surəti) həmin icra hakimiyyətləri tərəfindən baxılmalı və irad olduqda da belə, bu sənədlərə heç bir münasibət bildirilmir və ya müvafiq ərazi üzrə müfəssəl planın işlənib hazırlanmadığı əsas gətirilməklə mənfi cavab verilir. Məhz bu hal vətəndaşların fərdi ev tikməklə öz yaşayışını yaxşılaşdırmasının qarşısını almaqla yanaşı, rüşvət hallarına da şərait yaradır. Qeyd edilən hallarla bağlı yerli icra hakimiyyəti orqanlarına göndərilmiş yoxlama tapşırıqlarına, bir qayda olaraq, müvafiq ərazi üzrə müfəssəl planın işlənib hazırlanmadığı üçün vətəndaşların müraciətlərinin həllinin mümkün olmadığı bildirilmişdir.
Odur ki, mövcud sahədə vətəndaşların bir çox problemlərinin həlli məqsədilə "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 saylı, habelə “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust, 153 saylı fərmanları ilə nəzərdə tutulmuş, lakin hazırkı vaxta kimi qəbul edilməmiş qanunvericilik aktlarının qəbul edilməsinin sürətləndirilməsinə ehtiyac vardır.
Bakı şəhərində bəzi şirkətlər tərəfindən inşa edilərək istifadəyə verilmiş və ya tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin qanunvericiliyin tələblərinə zidd şəkildə satılması prosesi minlərlə insanın hüquqlarının pozulması ilə nəticələnmişdir. Mövcud sahədə bir sıra cinayət işlərinin başlanılmasına və istintaqın aparılmasına baxmayaraq, demək olar ki, nəticə əldə edilməmiş, vətəndaşların hüquqları təmin olunmamışdır.
Qeyd edilən halların qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, sığorta edilməmiş çoxmənzilli binalarda mənzillərin satılmasına qanunla qadağa qoyulması yaranmış vəziyyətdən çıxış yolu kimi tövsiyə olunur.
Digər tərəfdən, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin müxtəlif problemlərlə üzləşməsinə səbəb olmaqdadır. İstismarına icazə verilməmiş, lakin əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binaları enerji və su ilə təchiz edilmiş, lakin qazlaşdırılmamışdır.
Aztəminatlı ailələrdən daxil olmuş, maddi imkansızlıq səbəbindən evləri yararsız vəziyyətə düşmüş vətəndaşların da müraciətlərinə xüsusi həssaslıqla yanaşılmış, həmçinin yaşayış evlərinin ətrafında inşaat işləri aparan və ya müəyyən fəaliyyəti həyata keçirən müəssisə və təşkilatlar tərəfindən vurulmuş ziyanın aradan qaldırılmasında köməklik göstərilməsi ilə bağlı bir çox müraciətlər də həllini tapmışdır.
Müvəkkil ötən dövrlərdə təbii fəlakət zonalarında olmuş, nəticələrinin aradan qaldırılmasında iştirak edən qurumların nümayəndələri və ziyan çəkmiş vətəndaşlarla görüş keçirmiş, onların vəziyyəti ilə yaxından tanış olmuş, fikir, istək və təkliflərini dinləmiş, tövsiyələrini vermiş, həmçinin bəzi problemlərin həlli məqsədilə müvafiq dövlət qurumlarına müraciətlər etmişdir.
Təbii fəlakətdən zərər çəkmiş vətəndaşlardan ötən il Müvəkkilin ünvanına 174 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə vətəndaşlar müvafiq komissiya tərəfindən qəzalı vəziyyətə düşmüş evlərinə baxış keçirilmədiyini və ya təmir edilmədiyini, təmir üçün verilmiş kompensasiyanın məbləğinin az olduğunu, habelə dəymiş maddi ziyanın ödənilmədiyini bildirmiş, qeyd edilən məsələlərin həll olunmasında və çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş etmişlər.   
Müvəkkil göstərilmiş halların yoxlanılması, həmçinin bu problemlərin həlli məqsədilə Fövqəladə Hallar Nazirliyinə və yerli icra hakimiyyətlərinə müraciətlərindən sonra ziyan çəkmiş bir sıra evlərə nazirliyin sahə komissiyaları tərəfindən baxış keçirilmiş və bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahıya daxil edilmiş, bir sıra evlərin qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş və bərpası üçün müvafiq tədbirlərin görülməsi qərara alınmış, bəziləri bərpaya ehtiyacı olan evlər siyahısına daxil edilmiş və onun sahibinə vəsait ayrılmış, həmçinin bir sıra evlər baxışa təqdim edilməsi üçün qeydiyyata alınmışdır.

Mülkiyyət hüququ. Bu hüquqla bağlı daxil olmuş 2103 müraciətdə, əsas etibarilə, mülkiyyətdə olan əmlakın (evin, tikilinin) müvafiq məhkəmə qərarı olmadan yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması və əvəzinin ödənilməməsi və ya əvəzində uyğun kompensasiyanın verilməməsi, torpaq payına dair dövlət aktında torpaq sahəsinin düzgün, habelə sərhədlərinin yerində göstərilməməsi, vətəndaşa məxsus evin və torpağın sənədləşdirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi, sığorta haqlarının ödənilməməsi ilə bağlı olmuşdur.
Yerli icra hakimiyyətləri tərəfindən müvafiq məhkəmə qərarı olmadan istənilən tikiliyə münasibətdə söküntü işlərinin aparılması qanunla qadağandır. Tikilinin qanuniliyi yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. 
Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İstər yerli icra hakimiyyəti orqanı tərəfindən mülkiyyətə qarşı qanunsuz müdaxilə nəticəsində edilmiş qəsd, istərsə də onun ödənilməsi nəzərdə tutulmuş dəyərinin ədalətli əvəzlənməməsi yolverilməzdir.
Ümumiyyətlə, vətəndaşlara məxsus mülkiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirildiyi və əvəzləşdirildiyi hallarda adekvat yaşayış sahəsi əldə edilməsinə yetərli olan məbləğdə kompensasiya müəyyən edilməsi şərtilə əmlak bazarındakı real qiymətlərə uyğunlaşdırılmaqla vaxtında ödənilməsi tövsiyə olunur.
Bir sıra müraciətlərdə vətəndaşlar torpaq islahatı dövründə dövlət tərəfindən onlara verilmiş torpaq paylarının bölüşdürülməsi zamanı yol verilmiş səhvlər əsas tutulmaqla torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarının və ya şəhadətnamələrin geri alınaraq "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verildiyini, bu sənədə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin verilməsi zamanı dövlət rüsumunun tutulmasının ədalətsiz olduğu barədə fikirlər öz əksini tapmışdır.
Odur ki, torpaq payı kimi verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar və şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanları (yerli və rayon aqrar islahat komissiyaları, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və onun yerli şöbələri) tərəfindən buraxılan səhv nəticəsində ləğv edilərək əvəzində verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" üzrə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin verilməsi üçün vətəndaşların dövlət rüsumundan azad edilməsi təklif olunur.
Malların ilkin qiymətləri və onlara edilən endirimlərlə bağlı ticarət obyektləri tərəfindən alıcılara münasibətdə yol verilən qanun pozuntuları, malın müəyyən edilmiş dəyərindən daha artıq qiymətə satılması zamanı müxtəlif aldadıcı üsullardan istifadə edilməsi hallarının qarşısının alınması məqsədilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda müvafiq dəyişikliklərin edilməsi, habelə istehlakçıya düzgün məlumat verməyən ticarət obyektləri ilə bağlı inzibati cərimənin tətbiq edilməsinə ehtiyac vardır.
Vətəndaşların 1992-ci il 1 yanvar tarixindən sonra Azərbaycan Respublikasındakı əmanət banklarına qoyduqları əmanətlər ölkə iqtisadiyyatındakı böhranla bağlı hökm sürmüş inflyasiya nəticəsində qısa müddət ərzində alıcılıq qabiliyyətini itirmişdir. Həmin əmanətlərin indeksləşdirilməməsi bankda əmanəti olan bir çox vətəndaşlarda əsaslı narahatlıq yaradır.
Keçmiş SSRİ Dövlət Sığorta Baş İdarəsi tərəfindən vətəndaşlarla bağlanılmış “Həyat sığortası”, “Uşaqların sığortası”, “Nikahadək (toy) sığortası” və digər sığorta növləri üzrə müqavilələrdə nəzərdə tutulmuş məbləğlər indeksləşdirilməli, ödənilməsi mexanizmi hazırlanmalı və tətbiq edilməlidir .

Biznes və insan hüquqları. Müvəkkilin təşəbbüsü və rəhbərliyi altında təsisatda aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət tərkibdə yaradılmış “Biznes və insan hüquqları üzrə İşçi qrupu” ötən il də fəaliyyətini uğurla davam etdirmiş, dəyirmi masalar təşkil edilmiş, prioritet mövzular üzrə müzakirələr və fikir mübadilələri aparılmış, təkliflər verilmişdir.
Biznes və insan hüquqları üzrə İşçi Qrupunun ötən ildə ilk keçirilmiş toplantısı “Uşaq hüquqları və biznes prinsipləri” mövzusuna həsr edilmişdir. Müvafiq işçi qrupuna daxil olan dövlət qurumlarının, habelə vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin, eyni zamanda UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin iştirakı ilə keçirilmiş tədbirdə görülmüş işlər, qarşıda duran prioritet istiqamətlər, müvafiq sahədə zəruri sənədlər barədə ətraflı məlumat verilmiş, MFP və “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında uşaq hüquqlarının müdafiəsi sahəsində nəzərdə tutulmuş vəzifələr diqqətə çatdırılmışdır.
Tədbirdə biznes strukturlarının öz fəaliyyətində uşaq hüquqlarına hörmətlə yanaşmağın və onları dəstəkləməyin vacibliyi, maraqlarının qorumasının biznes qurumlarından tələb edildiyi bildirilmiş, UNİCEF tərəfindən tərcümə olunaraq nəşr edilmiş “Uşaq hüquqları və biznes prinsipləri” adlı sənəddə öz əksini tapmış 10 prinsip barədə ətraflı məlumat verilmiş, daha sonra həmin nəşr İşçi Qrupunun üzvlərinə paylanmışdır.
Milli Məclisin deputatlarının, aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin iştirakı ilə “Biznes və qadın hüquqları” mövzusunda keçirilmiş ikinci toplantıda Müvəkkil qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, onların yeni peşələrə yiyələnməsi,  sahibkar qadınlar üçün bərabər imkanların yaradılması, sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq güzəştlərin tətbiq olunması, qadınların işdə irəli çəkilməsi və rəhbər vəzifələrə təyin olunması, bununla bağlı əhali, biznes qurumları və dövlət orqanları ilə ünvanlı maarifləndirmə işinin aparılmasının, müvafiq nəşrlərin hazırlanması və paylanılmasının zəruriliyini bildirmişdir.
“Biznes və qadın hüquqları” sahəsində beynəlxalq praktika və rəhbər prinsiplər barədə məlumat verən Müvəkkil gender məsələlərinə münasibətdə biznesə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsini diqqətə çatdırmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıqda İşçi qrupunun “Biznesin reallaşdırılması zamanı ekoloji tələblərə riayət olunması” mövzusuna həsr olunmuş üçüncü toplantısında Müvəkkil son illər dünya iqtisadiyyatındakı elmi-texniki inkişafla bağlı dəyişikliklərin insanlarla təbiət arasında ziddiyyətlərin gərginləşməsinə səbəb olduğunu, ekoloji məsələlərin qlobal problemlər sistemində sülh və müharibə problemlərindən sonra birinci sırada yer aldığını, məhz bu səbəbdən ekologiyanın qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsinin əsas vəzifələrdən olduğunu bildirmişdir.
Ekoloji problemlərin yaranma səbəblərinin və həlli yollarının araşdırılmasının vacib olduğunu bildirən Müvəkkil sürətlənən sənayeləşmə nəticəsində ekoloji tarazlığın pozulması, ayrı-ayrı sahibkarlar tərəfindən şəxsi mənafe naminə meşələrin, o cümlədən nadir ağacların qırılmasının qarşısının alınması, sənaye müəssisələri və digər biznes qurumları tərəfindən ətraf mühitin mühafizəsi məsələlərinin bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin əsas tədqiqat predmetinə çevrildiyini, bu sahədə mühüm sənədlərin işlənib hazırlandığını, həmçinin milli qanunvericilikdə və müvafiq beynəlxalq sənədlərdə təsbit olunmuş insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun səmərəli təmin edilməsinin zəruriliyini qeyd etmişdir.
Biznes və insan hüquqları məsələsini daim diqqətdə saxlayan Müvəkkil bu istiqamətdə mövcud vəziyyətin monitorinqi, çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması sahəsində birgə tədbirlərin həyata keçirilməsi istiqamətlərinin müzakirələrini davam etdirmək məqsədilə dövlət orqanları, yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı davam etdirmişdir.
Müvəkkilin beynəlxalq qurumlarla əməkdaşlığı da səmərəli olmuş, tədbirlərdə Müvəkkilin sahibkar-işçi münasibətlərinin möhkəmlənməsinə xidmət edən təklif və tövsiyələri, habelə bu sahədə həyata keçirdiyi işlərlə bağlı geniş məlumat verilmişdir.
Müvəkkil ötən il BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun üzvlərini qəbul etmiş, “Biznes və insan hüquqları” problemlərinin, habelə sahibkarlıq fəaliyyəti zamanı insan hüquqlarının müdafiəsinin daim diqqətdə olduğu, bu sahədə mövcud vəziyyətin monitorinqi, çatışmazlıqların müəyyən edilməsi və aradan qaldırılması üzrə birgə tədbirlərin təşkil olunduğu və bu məqsədlə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirildiyi qeyd edilmişdir.
1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi

Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi. Ərazisinin beşdə bir hissəsi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikası 25 ildən artıqdır ki, bir milyona yaxın qaçqını və məcburi köçkünü demək olar ki, öz səyləri və imkanları hesabına himayə etməkdədir. 
BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının məlum qətnamələrinin tələblərini yerinə yetirməyən Ermənistan Azərbaycana qarşı təcavüz və terror siyasətini davam etdirməkdədir.
Dövlətin səyləri nəticəsində ötən dövrdə 46 min ailə və ya 240 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmış, 89 yeni yaşayış kompleksi salınmış, 145 məktəb inşa edilmiş, həmçinin 56 uşaq bağçası, 56 tibb məntəqəsi, 50 mədəniyyət mərkəzi, 2 olimpiya İdman kompleksi tikilib istifadəyə verilmişdir.
Ötən il ərzində Dövlət Neft Fondundan 300 milyon manat, 273 milyon manat büdcədən, beynəlxalq humanitar və digər təşkilatlar tərəfindən isə 57 milyon manat olmaqla 630 milyon manat vəsait ayrılmışdır. 2014-cü il ərzində 270 min kvadratmetr sahəsi olan 7 yeni yaşayış kompleksi salınmış, 2288 şagird yerlik 7 tam orta məktəb və 5 mədəniyyət evi inşa edilmiş, həmçinin 6 uşaq bağçası, 6 tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Beləliklə, 2014-cü ildə 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının taleyi, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün bütün imkanları səfərbər etməklə kompleks tədbirlər həyata keçirir.
Həyata keçirilən tədbirlərə baxmayaraq, 370 mindən çox məcburi köçkün hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər.
Ötən müddət ərzində Müvəkkilin məcburi köçkünlərlə görüşləri, onlarla birbaşa ünsiyyətdə olması, qayğı və problemlərini yerində öyrənməsi onların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli olmuşdur.
Müvəkkil ötən il BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığa da xüsusi önəm vermişdir. Bu əməkdaşlığın nəticəsi olaraq, Müvəkkilin ümumi redaktəsi ilə nəşr olunmuş və sistemli şəkildə qaçqınların, məcburi köçkünlərin, qaçqın statusunu almaq niyyətində olan sığınacaq axtaran şəxslərin sosial problemlərinin həlli ilə bağlı qəbul edilmiş müxtəlif qanunların, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, eləcə də beynəlxalq sənədlərin yer aldığı “Qaçqınlar və məcburi köçkünlər haqqında normativ hüquqi sənədlər toplu”su geniş ictimaiyyətə təqdim edilmiş və paylanılmışdır.
Xocalı soyqırımı, habelə Dağlıq Qarabağda və ətraf rayonlarda Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı bəyanatlar verilmiş, BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına və Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına göndərilmişdir.
Müvəkkilin və əməkdaşlarının xarici ölkələrə işgüzar səfərləri zamanı bütün beynəlxalq tədbirlərdə xalqımızın üzləşdiyi bu faciələri özündə əks etdirən bəyanatlar, habelə çoxsaylı ədəbiyyat və disklər paylanmışdır.
Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər, o cümlədən Dağlıq Qarabağ münaqişəsini yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi və hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüş, lakin qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına və davamlı inkişaf proseslərinə maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur. 
Ötən ilin iyul ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə respublikamızın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonu ərazisinə getmiş və orada Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin, habelə işğalçılar tərəfindən qətlə yetirilmiş Həsən Həsənovun meyitinin qaytarılması, girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qalmamaları, onlarla 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərinə uyğun davranışın təmin olunmasında yardım edilməsi üçün Müvəkkil Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə müraciət etmişdir.
Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və miqrantların hüquqlarının müdafiəsi məsələləri də Müvəkkilin diqqətində olmuşdur. Miqrantların hüquqlarının pozulmaası ilə bağlı daxil olmuş şikayətlərin təhlili nəticəsində bir sıra təklif və tövsiyələr irəli sürülmüş və aidiyyəti qurumlara göndərilmişdir. Belə ki, mövcud qanunvericiliyə əsasən Azərbaycanda 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Müvəkkilin təklifi nəzərə alınmaqla bu müddət artırılmışdır. Artıq 3 gün deyil, 10 gündən artıq Azərbaycanda müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınırlar.

Həbsdə saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi. Məhkumların və həbsdə saxlanılan şəxslərin hüquqlarının müdafiəsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu kateqoriyadan olan şəxslərin hüquqlarının təmin edilməsinin vacibliyini hər zaman nəzərə alan Müvəkkil cari ildə də məhkumların və həbsdə saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir. Həm daxil olmuş müraciətlərin araşdırılması, həm də keçirilmiş baxışlar zamanı bu kateqoriyaya aid olan şəxslərin şərəf və ləyaqətinin müdafiəsi, sağlamlığının qorunması, müraciət etmək, hüquqi yardım almaq və digər hüquqlarının təmin edilməsi, özlərinin və ailə üzvlərinin bəzi sosial problemlərinin həlli diqqət mərkəzində olmuşdur.
İstintaq təcridxanalarının, müvəqqəti saxlama yerlərinin, hauptvaxtların, habelə cəzaçəkmə müəssisələrinin müasir standartlara uyğunlaşdırılması məqsədilə yenidən qurulması, saxlanılma şəraitinin yaxşılaşdırılması, bu müəssisələrdə insan hüquqlarının etibarlı təmin edilməsi və məhkumların islah olunmasına istiqamətlənmiş tədbirlər  davam etdirilmişdir.
Həyata keçirilmiş tədbirlər və tətbiq edilmiş yeniliklər nəticəsində qanun pozuntularının və onlara şərait yaradan səbəblərin aradan qaldırılması üzrə ardıcıl işlər görülmüş, həbsdə saxlama yerlərinin və  penitensiar müəssisələrin işinə nəzarət gücləndirilmişdir.
Ötən il məhkumlardan və onların ailə üzvlərindən əfvlə bağlı daxil olmuş müraciətlərini nəzərə alaraq, müxtəlif vaxtlarda Müvəkkil Azərbaycan Respublikası Prezidentinin yanında Əfv məsələləri komissiyasına müraciətlər etmişdir.
Fəaliyyəti dövründə Müvəkkilin vəsatəti ilə 455 məhkum əfv edilmiş və ya barəsində amnistiya aktı tətbiq edilərək azadlığa buraxılmış, 2014-cü ildə isə Müvəkkilin vəsatəti ilə 46 məhkum əfv edilmişdir.
Cari ildə penitensiar müəssisələrdə mədəni-kütləvi tədbirlərin, cəza çəkənlərin cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müxtəlif dövlət təşkilatları və ictimai qurumlarla birgə təsdiq etdiyi planlar üzrə tədbirlərin keçirilməsi davam etdirilmişdir.
Məhkumların saxlanılma şəraitinin və onlara qarşı rəftar məsələlərinin araşdırılması məqsədilə Müvəkkil və əməkdaşları Penitensiar Xidmətin istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində mütəmadi baxışlar keçirmiş, saxlanılan şəxslərlə və məhkumlarla görüşmüş, onların problemləri ilə tanış olmuşdur.
Penitensiar müəssisələrə baxışların nəticəsi olaraq, aşkar edilmiş qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilmiş, zəruri hallarda isə Ədliyyə Nazirliyinə müraciətlər edilmiş, nəticədə bir sıra çatışmazlıqlar aradan qaldırılmışdır.
Baxışlar zamanı bir qayda olaraq məhkumların pis rəftara məruz qalmaması, habelə seçki hüququnun, vicdan, əqidə və dini azadlıqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması vəziyyətinə xüsusi diqqət yetirilmişdir. Eyni zamanda məhkumlar pensiya təminatı, sağlamlıq, ailə və digər problemləri ilə bağlı müraciətlər də etmişlər ki, bunlar Müvəkkilin müdaxiləsi nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz həllini tapmışdır.
Kobud rəftar və zorakılığa məruz qalma ilə bağlı Müvəkkilin ünvanına  daxil olmuş məlumatlarla əlaqədar dərhal aidiyyəti üzrə Baş Prokurorluğa müraciət edilmiş, zərurət olduğu halda məhkəmə-tibb ekspertizası keçirilmişdir.
Müvəkkilə müraciətlər sırasında məhkumların sağlamlıq hüququnun qorunması, ekstradisiya olunmalarında köməklik göstərilməsi, müraciət hüququnun pozulması, eləcə də onlara qarşı rəftar halları da olmuşdur. Müvəkkil tərəfindən bu qəbildən olan müraciələrə xüsusi həssaslıqla reaksiya verilmişdir.
Aparatın əməkdaşları tərəfindən 14 saylı cəzaçəkmə müəssisəsində aparılmış baxış zamanı müəssisənin su təminatında fasilələrə yol verildiyi, verilən suyun təzyiqinin çox aşağı olduğu müəyyən edilmişdir. Məsələ ilə bağlı Müvəkkil tərəfindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmiş, tədbirlər planına əsasən "Qızıldaş qəsəbəsinin su təchizatı sisteminin yenidən qurulması layihəsi" çərçivəsində cəzaçəkmə müəssisəsinin su təchizatının yaxşılaşdırılmasının nəzərdə tutulduğu və suyun mövcud xətlə verilməsinin təmin edildiyi bildirilmişdir.
Ötən il dekabrın 22-də həmin müəssisədə baş vermiş hadisə də diqqət mərkəzində olmuşdur. Belə ki, məhkum E.İ.-nin müəssisədə ölüm faktı ilə bağlı Qaradağ Rayon Prokurorluğunda istintaq aparıldığı, məhkumun ölüm səbəbinin araşdırıldığı və cinayət işi başlanıldığı, nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.
Azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyasının uğurla gerçəkləşdirilməsi üçün bu prosesə ictimaiyyətin cəlb edilməsi işinin davam etdirilməsinə ehtiyac vardır. Məhkumların islah edilməsində əmək, din və tərbiyəvi üsullardan istifadə edilməklə tədbirlərin gücləndirilməsi də zəruridir.
Müvəkkil ötən dövr ərzində həbs yerində saxlanılan şəxslərin, o cümlədən məhkumların hüquqlarının səmərəli təmin edilməsi ilə bağlı səlahiyyətli qurumlara təkliflərlə müraciət etmiş, bu təkliflərin müəyyən hissəsi nəzərə alınaraq, zəruri tədbirlər görülmüşdür.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi. Dövlət büdcəsində hərbi sahəyə ayrılan xərclərin ildən-ilə əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordunun maddi-texniki bazasının müasirləşdirilməsinə imkanlar yaratmışdır. Qeyd etmək yerinə düşər ki, 2015-ci ilin Dövlət büdcəsində milli təhlükəsizlik, ordu ehtiyacları və hərbi qulluqçuların sosial müdafiəsinə ayrılmış vəsaitin məbləği 3 milyard 783 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ildə ayrılmış vəsaitdən 27 % çoxdur.
Daim artan iqtisadi qüdrətimiz ölkəmiz üçün çox vacib olan hərbi sənayenin inkişafına da güclü təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin hərtərəfli və sürətli inkişafını müəyyən edən amillər sırasında möhkəm iqtisadi potensialın, güclü ordunun və müdafiə sənayesinin mövcudluğu prioritet məsələlərdən olmuşdur.
Hərbi qulluqçuların sosial müdafiəsi, habelə mənzil-məişət şəraitinin və onlara göstərilən tibbi-sanatoriya xidmətlərinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılmışdır. Hərbi qulluqçular və ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə ölkə Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamlar xüsusi əhəmiyyət kəsb edir.
Hərbi qulluqçuların hüquqlarının müdafiəsi işi Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalmaqdadır.
Müvəkkilə ünvanlanmış müraciətlərdə istifadə edilməmiş məzuniyyətə görə hərbi qulluqçulara pul kompensasiyasının vaxtında verilməməsi, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsi sahəsində problemlərin olması, qanunla müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə şamil edilən güzəştlərin yerli icra hakimiyyəti orqanları tərəfindən vaxtında təmin edilməməsi, Müdafiə Nazirliyinin Mərkəzi arxivindən müvafiq arayışların, habelə hərbi qulluqçulara sığorta ödənişinin verilməməsi kimi hallar öz əksini tapmışdır.
Orduda ideoloji,  hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin daha da gücləndirilməsinə, şəxsi heyətin yüksək döyüş ruhunun, psixoloji durumunun, qanunvericilik və nizamnamələrə uyğun xidmətin, vətənə sədaqət və vətənpərvərlik mühitinin möhkəmləndirilməsinə, baş verə biləcək cinayətlərin qarşısını almağa yönəlmiş tədbirlər ardıcıl və davamlı olaraq həyata keçirilməlidir.
Müraciətlərin təhlilinə əsasən demək olar ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışçıların sağlamlıq vəziyyətini müəyyənləşdirən komissiyaların fəaliyyəti təkmilləşdirilməlidir.
Digər bir problem isə hərbi xidmətdə (toplanışda) olduğu zaman vəfat etmiş hərbi qulluqçuya görə onun ailə üzvlərinə, ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna görə (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) hərbi xidmətə yararsız hesab edilmiş hərbi qulluqçulara sığorta ödənişi verilməsi ilə bağlıdır.
Hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyanın verilməsində mövcud olan problemlər həqiqi hərbi xidmətdə, ehtiyatda və istefada olan hərbi qulluqçuların narazılıqlarına səbəb olmuşdur.
«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»yə əlavə edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli Qanununa əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 28 mart tarixli Qərarına əsasən, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil edilmişdir. Konstitusiya Məhkəməsinin tövsiyəsinə əsasən, bu şəxslərə kompensasiyanın məbləği və ödəmə qaydaları Nazirlər Kabinetinin 2014-cü il 26 dekabr tarixli Qərarı ilə müəyyən edilmişdir.
Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara həmin kompensasiyanın verilməsinin başa çatdırılmaması, ehtiyatda və istefada olan hərbi qulluqçulara isə bu kompensasiyanın verilməsinə başlanılmaması ilə bağlı Müvəkkilə və digər qurumlara hələ də şikayətlər ünvanlanır.
Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri də hərbi qulluqçuların hüquqi maarifləndirilməsi üzrə apardığı işlərdir.  Müvəkkil və əməkdaşları tərəfindən hərbi hissə və müəssisələrdə həyata keçirilmiş tədbirlərdə məqsəd hərbi qulluqçuların hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətini, o cümlədən onların yaşayış, xidmət və asudə vaxtının səmərəli keçirilməsi üçün yaradılmış şəraiti, göstərilən tibbi xidmətin səviyyəsini, qidanın keyfiyyətini, hərbi qulluqçular arasında nizamnaməyə uyğun rəftarı öyrənməkdən ibarət olmuşdur.
Belə tədbirlər hərbi qulluqçuların hüquq və azadlıqlarının müdafiəsi, Silahlı Qüvvələrdə ideoloji, hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin, şəxsi heyətin döyüş əzminin, psixoloji durumunun, Vətənə sədaqət və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.
Aidiyyəti qurumların rəhbərliyi ilə birgə təsdiq edilmiş iş planına əsasən Müvəkkil və əməkdaşları tərəfindən ötən il Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının bir sıra hərbi hissələrində, hərbi polisdə (o cümlədən hauptvaxtlarda) və Daxili Qoşunların Ali Hərbi Məktəbində belə tədbirlər həyata keçirilmişdir. Həmçinin ötən il ərzində Milli Preventiv Qrupun üzvləri tərəfindən Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və qarnizon hauptvaxtlarına başçəkmələr həyata keçirilmişdir.
Görüşlər zamanı mövcud şikayətlər yerində araşdırılmış və hərbi qulluqçuların sualları cavablandırılmış, eyni zamanda müəyyən olunmuş çatışmazlıqların və bunu doğuran səbəblərin aradan qaldırılması ilə bağlı hərbi hissə komandanlığına və müəssisə rəhbərliyinə tövsiyələr verilmiş, aidiyyəti yuxarı orqanların rəhbərliyinə müraciətlər edilmiş və tədbirlər görülmüşdür.

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi. Qadın hüquqlarının müdafiəsi və təbliğinə, gender bərabərliyinin təmininə, qadınların pozulmuş hüquqlarının bərpasına yönəlmiş fəaliyyət davamlı olmuşdur. Ölkədə həyata keçirilən hüquq islahatları bu sahədə fəaliyyətin genişlənməsinə öz töhfəsini verməkdədir. Həmin tədbirlər kişi və qadınlar üçün bərabər imkanların təmin olunmasında özünü göstərir.
Müvafiq dövlət proqramları vasitəsilə reallaşacaq, ölkədə gender bərabərliyinin təmin edilməsi və dövlət siyasətində gender əsaslı zorakılıq hallarının qarşısının alınması üzrə tədbirlərin görülməsini nəzərdə tutan “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”, o cümlədən Minilliyin İnkişaf Məqsədlərinin 2015-ci ildə başa çatması ilə əlaqədar sonrakı illər üçün tövsiyə olunan istiqamətlər içərisində gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişlənməsi istiqamətində əldə olunan uğurlar əsasında stereotiplərə qarşı mübarizənin gücləndirilməsi, rayon və kənd yerlərində gender siyasətinə diqqətin artırılması və bu sahədə mövcud boşluqların aradan qaldırılması məsələləri yer tutur ki, hazırda bu istiqamətdə Müvəkkil  tərəfindən geniş fəaliyyət həyata keçirilməkdədir.
Müvəkkil qadın hüquqlarını özündə ehtiva edən və əsas beynəlxalq sənədlərdən olan Pekin Fəaliyyət Platformasının 12 prioritet istiqaməti üzrə öz fəaliyyətini həyata keçirməklə, gender balansına, bərabər səlahiyyətlər əsasında ictimai həyatın bütün sahələrində, xüsusilə də qərarqəbuletmə və siyasətin işlənib hazırlanması işində qadınların tam iştirakı və təşəbbüslərinin artırılması məqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyələrlə, QHT və KİV-lə, icmalarla əməkdaşlıq edir, mövcud problemlərinin həlli istiqamətində fəaliyyətini təşkil edir.
MFP-nin icrası ilə bağlı Müvəkkil tərəfindən təşkil edilmiş tədbirlərdə qadınların təhsil, sağlamlığın qorunması, o cümlədən reproduktiv sağlamlıq hüquqlarının təmini və təbliği işinə geniş yer verilmiş, qadınlara qarşı zorakılıq, gender bərabərliyi prinsiplərinin pozulması hallarının aradan qaldırılması, bütün sahələrdə bərabər imkanların yaradılması məqsədilə ictimai müzakirələr aparılmışdır.
Müvəkkil görüşlər zamanı yaşından asılı olmayaraq, peşə hazırlığının hər bir mərhələsində tələbələrə və təhsilini davam etdirənlərə, texniki təhsil sahəsində qadın və qızların rolunun artırılması, iqtisadi, sosial və mədəni inkişaf naminə təhsilin bütövlükdə keyfiyyətini yüksəltmək, İKT-dən geniş istifadə etmək üçün təsirli tədbirlər görülməsini tövsiyə etmişdir. Gender perspektivinin yoxsulluğun azaldılmasına yönəlmiş siyasət və proqramlarda  nəzərə alınması üçün müəyyən səylər göstərmiş, qadınların işlə təmini, onların iqtisadi imkanlarının genişlənməsi məqsədilə mikrokreditlərin və digər maliyyə vəsaitlərinin verilməsi, onlar üçün gəlir gətirən fəaliyyət növlərinin təşkili, əsas sosial xidmətlər, o cümlədən, təhsil və tibbi xidmətlərdən istifadə imkanlarının genişlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmiş, şəhər və kəndlərdə xırda və iri sahibkarlıqla məşğul olan qadınların problemlərini dinləmişdir. Bu problemlərin həlli məqsədilə səlahiyyətli orqanlara müraciətlər ünvanlamış və nəticə etibarı ilə sahibkar qadınların üzləşdiyi çətinliklər aradan qaldırılmışdır.
BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının  35 illiyinə həsr edilmiş tədbirlərdə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun əhali arasında təşviqi də həyata keçirilmişdir.
Azərbaycan Hökumətinin Universal Dövri İcmal prosesi çərçivəsində və müvafiq konvensiyaya dair təqdim edilmiş hesabatları üzrə verilmiş tövsiyələr nəzərə alınaraq, BMT-nin Əhali Fondu ilə birlikdə “Məişət zorakılığı ilə mübarizə,  cinsi və reproduktiv sağlamlıq hüquqları”nın insan hüquqları baxımından təmini vəziyyətinə dair dövlət qurumları və vətəndaş cəmiyyəti üzvləri üçün treninq keçirilmişdir.
Gender əsaslı zorakılıqla yerli, milli, regional və beynəlxalq səviyyədə mübarizə, hüquqi maarifləndirmə məqsədi daşıyan “25 noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü”ndən başlayan 16 günlük fəallıq kampaniyası da 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günündə başa çatmışdır.
Kampaniya çərçivəsində ölkə parlamentində keçirilmiş dinləmələr, Ombudsmanın və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Bakıda və respublikanın regionlarında təşkil etdiyi maarifləndirmə tədbirləri bu işə töhfə verməklə qadınlara qarşı zorakılıqla mübarizəyə və qadın hüquqlarının daha səmərəli təmininə yönəlmişdir.
Müvəkkilin təşəbbüsü ilə Azərbaycan Hökuməti və UNESCO-nun dəstəyi Ombudsmanların ənənəvi illik Bakı Beynəlxalq Konfransı “Milli İnsan Hüquqları Gününə”, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasının qəbul edilməsinin 35-ci ildönümünə və qarşıdan gələn Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 20 illiyinə həsr olunmuşdur. Sayca XII olan Ombudsmanların Bakı Beynəlxalq Konfransı “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda olmuş və fikir mübadiləsi, qarşılıqlı əməkdaşlıq və müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi və mübadiləsi baxımından əhəmiyyətli olmaqla yanaşı, bu istiqamətdə öz müsbət töhfəsini vermişdir.
Qadınların cinsi və reproduktiv sağlamlığı, eləcə də reproduktiv hüquqlarının təbliği və bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi işinə xüsusi diqqət yetirilir. Ailə planlaşması barədə məlumatlar, qız və qadınların sağlamlığının mühafizəsi yönündə, cinsi yolla keçən xəstəliklər, İİV/QİÇS xəstəliyinə yoluxma və bu növ yoluxucu xəstəliklərlə mübarizə məsələlərinə diqqət yetirilərək geniş maarifləndirmə işi aparılmışdır.
Zorakılığa məruz qalmış qadın və qızlara hüquqi, tibbi və məsləhət xidmətlərinin göstərilməsi, onların sığınacaqla təmin olunması xüsusi diqqətdə saxlanılmış, həmçinin bu məsələ üzrə hüquq mühafizə orqanları, tibb işçiləri və aidiyyəti xidmət əməkdaşları üçün geniş maarifləndirmə işi aparılmışdır.
Müraciət edən münaqişəli ailələrlə bağlı müvafiq qurumlarla əməkdaşlıqda tədbirlər görülmüş, yaşadıqları ərazilərdə polis tərəfindən nəzarətə götürülmüş və onlarla profilaktik işlər aparılmışdır.
Ermənilərin etnik təmizləmə siyasətinin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan günahsız insanların, xüsusilə qadın hüquqlarının təmin edilməsinə yönəlmiş tədbirlər həyata keçirir, erməni hərbçiləri tərəfindən atəşkəs rejimini pozaraq günahsız insanların öldürülməsi və ya xəsarət yetirilməsi, Xocalı soyqırımı və 20 yanvar faciəsi ilə bağlı dünya ictimaiyyətinə çoxsaylı bəyanat və müraciətlər ünvanlamışdır.
Müvəkkil və əməkdaşları vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə bölgələrdə, ucqar rayon və kəndlərdə yaşayan qadınlar üçün gender bərabərliyi, müxtəlif dövlət və ictimai idarəetmə səviyyələrdə qərarların hazırlanmasında və qəbul edilməsində qadınların iştirakının vacibliyi, qərarların qəbul edilməsi sahəsində gender bərabərliyinə nail olmaq üçün konkret səylərin göstərilməsi, onların seçkilərdə fəallığı, qadın sahibkarlığı, məişət zorakılığı, reproduktiv sağlamlıq, insan alveri və erkən nikahlar mövzusunda maarifləndirici seminar və məşğələlər keçirmişdir. İntensiv maarifləndirmə işinin nəticəsi olaraq, yüzlərlə qadın öz hüquqları barədə bilgilər əldə etmiş və müraciətlər əsasında onlara təmənnasız hüquqi yardım göstərilmişdir.
Pekin fəaliyyət platformasının müddəaları əsasında hazırlanan mühazirə və çıxışlar, “Genderə giriş” adlı geniş həcmli vəsaitin hazırlanması və tədrisi, o cümlədən Bakı Dövlət Universitetinin hüquq və digər fakültələrində tədris olunan eyni adlı fənn gender anlayışının təbliğinə, gender nəzəriyyəsinə yeni yanaşmaların formalaşmasına, gender münasibətlərinin perspektiv inkişafına xidmət edir.
Bununla bərabər, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Ədliyyə Akademiyasında, Əmək və Sosial Münasibətlər Akademiyasında gender siyasəti üzrə məsul şəxslər və həmkarlar təşkilatlarının fəalları üçün insan hüquqları və gender probleminin müasir aspektləri üzrə məruzələr oxunmuşdur.
Pekin Bəyannaməsinin və Fəaliyyət Platformasının, eləcə də “Platformanın həyata keçirilməsi üzrə gələcək tədbir və təşəbbüslər” üzrə xüsusi sənədin təkmilləşdirilmiş tərcüməsi Müvəkkilin yeni redaktəsi ilə hazırlanmış və çap olunmuşdur.
Qadın məhkumların hüquqlarının müdafiəsi sahəsində işlər həyata keçirilməklə, bu fəaliyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qadın Cəzaçəkmə Müəssisəsində qəbullar, görüşlər, hüquqi maarifləndirmə tədbirləri şəklində davam etdirilmişdir. Bununla yanaşı məhkum qadınların problemləri,  yaşayış və əmək  şəraiti, sağlamlığı və psixoloji durumu ilə bağlı mütəmadi baxışlar keçirilir, ərizə və müraciətləri qəbul edilir və yerində araşdırılır.
Müvəkkilin dəstəyi ilə Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində yaradılmış, ilk və müntəzəm fəaliyyət göstərən Ahılların Resurs Mərkəzində onlara hüquqşünas, psixoloq və herontoloq tərəfindən məşğələlər keçirilmiş, ədəbi-bədii tədbirlər təşkil edilmiş, reabilitasiya məsələsinə diqqət yetirilmişdir.
Uşaq hüquqlarının müdafiəsi. Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri də uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqlarının bərpasından ibarətdir.
Uşaq hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlərin araşdırılması və onların hüquqlarının bərpa edilməsi sahəsində işlər görülmüşdür.
Müvəkkil uşaqların hüquqlarının təmini vəziyyətini təhlil edərək, yeni qanunvericilik aktlarının, dövlət proqramları layihələinin, qüvvədə olan normativ hüquqi aktların təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamışdır.
Müraciətlərlə yanaşı, uşaqların hüquqları pozulduqda təxirə salınmadan Müvəkkilə müraciət edilməsi məqsədilə təsisatda 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xəttə daxil olan zənglərlə bağlı dərhal tədbirlər görülmüş, zəruri hallarda yerində müraciətlər üzrə araşdırmalar aparılmışdır.
Ötən dövrdə qaynar xəttə uşaqların sosial təminat, sağlamlığın qorunması və təhsil hüquqlarının pozulması, yaşayış yeri ilə təmin olunma, məişət zorakılığı və digər məsələlərlə bağlı müraciətlər daxil olmuş, araşdırmalar aparılmış, hüquqi məsləhətlər verilmişdir.
Müvəkkil və MPQ üzvləri müntəzəm olaraq uşaqların yaşadıqları, habelə saxlanıldıqları dövlət müəssisələrinə (uşaq evləri, internat məktəbləri, polis şöbələri (idarələri), qanunla münaqişədə olan uşaqların saxlanıldığı müəssisələr) uşaqlara qarşı baş verə biləcək zorakılıq hallarının qarşısının alınması məqsədilə başçəkmələr həyata keçirmiş, nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülmüş, zəruri hallarda günahkar şəxslər cəzalandırılmışdır.
Müvəkkil hər il olduğu kimi UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq etmişdir. Belə ki, iş planı çərçivəsində həmin qurumla birgə regionlardakı uşaq yaradıcılıq mərkəzlərində təlimlər keçirilmiş, orta məktəblərdə, uşaq evində və internat məktəblərində mövcud durumu və onların ehtiyaclarını qiymətləndirmək məqsədilə araşdırma aparılmış, prokurorluq və polis orqanlarının, Müvəkkilin regional mərkəzlərinin əməkdaşları üçün “Yuvenal ədliyyə kontekstində uşaq hüquqlarının müdafiəsi” mövzusunda təlim,  habelə MPQ üzvləri tərəfindən uşaq müəssisələrinə baxışlar keçirilmiş, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiya və BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələr üzrə dəyirmi masalar təşkil olunmuşdur.
Uşaq hüquqları sahəsində maarifləndirmə və təşviqat, uşaqların vəziyyətinin öyrənilməsi məqsədilə araşdırmaların aparılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təkliflərin hazırlanması məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlarla əməkdaşlıqda bir sıra işlər görülmüşdür.
Uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin yaxşılaşdırılması və onların daha effektiv müdafiəsinin təmin olunması məqsədilə Müvəkkilin təşəbbüsü ilə Cenevrə Uşaq Hüquqları Bəyannaməsinin 90 illiyi, BMT-nin Uşaq Hüquqları Bəyannaməsinin 55, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25 illiyinə həsr edilmiş “Uşaqları dinləyək və onların iştirakını təmin edək” devizi altında keçirilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, vətəndaş cəmiyyəti təsisatlarına müraciət ünvanlamışdır.
Təsisat, o cümlədən Müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzləri müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıqda ölkənin şəhər və rayonlarında müxtəlif tədbirlər keçirmiş, orta məktəblərdə, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, olimpiada və sərgilər təşkil olunmuşdur.
Ənənəvi Sülh aylığı çərçivəsində, habelə 18 iyun - İnsan Hüquqları Günündə Müvəkkilin regional mərkəzləri tərəfindən tədris ocaqlarında dövlət qurumlarının, orta, orta ixtisas və ali məktəblərin şagirdləri, tələbə-gənclər və müəllim heyəti, vətəndaş cəmiyyətinin, QHT-lərin nümayəndələri, sakinlərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir.
Müvəkkilin təşəbbüsü və UNESCO-nun dəstəyi ilə keçirilmiş ənənəvi Ombudsmanların Bakı Beynəlxalq konfransının sessiyalarından biri Uşaq hüquqları üzrə Konvensiyanın ildönümü nəzərə alınaraq, “Hərbi münaqişələrdə və fövqəladə hallarda qadın və uşaq hüquqlarının təmin olunması” mövzusuna həsr olunmuşdur.
10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibətilə Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş konfrans çərçivəsində «Mən və hüquqlarım» mövzusunda uşaq rəsm müsabiqəsinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar.
Müvəkkil və təsisatın əməkdaşları ölkədə aidiyyəti dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatları tərəfindən uşaq hüquqlarına dair təşkil olunan müxtəlif tədbirlərdə, dəyirmi masalarda iştirak edərək bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflərini bildirmişlər.
Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta ümumtəhsil məktəblərində artıq 2009-2010-cu tədris ilindən etibarən uğurla həyata keçirilən uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda pilləli tədris proqramı ötən il də davam etdirilmiş, Bakı şəhərinin 12 rayonunun hər birində bir orta məktəb, respublikamızın Xızı, Siyəzən, İsmayıllı, Oğuz, Lənkəran, Salyan, Goranboy, Tovuz rayonlarının hər birində isə üç məktəb seçilmiş, bu proqramda Bakı şəhəri üzrə 882, regionlar üzrə isə 982 şagird iştirak etmişdir.
Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində və onun nəzdində “Azərbaycan Yurdum Mənim” devizi ilə fəaliyyət göstərən “Liderlik məktəbi”ndə hər il olduğu kimi ötən ildə də müntəzəm olaraq uşaqların iştirakı ilə Uşaq hüquqları konvensiyası üzrə treninqlər, vətənpərvərlik ruhunda maarifləndirmə tədbirləri keçirilmiş, onların problemləri müzakirə olunmuş və şəbəkə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə muzeylərə, tarixi yerlərə səfərlər təşkil edilmiş, beynəlxalq olimpiada və müsabiqələrdə iştirakları təmin olunmuşdur.
Müvəkkil və əməkdaşları uşaq hüquqları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təsisatın təcrübəsini bölüşmək məqsədilə ötən dövrdə də beynəlxalq tədbirlərdə iştirak edərək, bəyanatlarla çıxış etmilər.

Ahılların hüquqlarının müdafiəsi digər həssas qruplara aid olan insanların müdafiəsi qədər önəmlidir və bu ölkə rəhbərliyinin, habelə Müvəkkilin də diqqət mərkəzində olmuşdur.
Əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.
Ahıl vətəndaşlar tərəfindən göndərilmiş bir  sıra müraciətlərdə pensiya məbləğinin az olmasından narazılıq və pensiyanın düzgün hesablanmaması halları öz əksini tapmışdır. Bu baxımdan, səmərəli sosial müdafiə sisteminin formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində işin davam etdirilməsi, ahıllıq dövrünün təmin edilməsində əsas mənbə sayılan pensiyanın real sosial tələbata uyğunlaşdırılması da vacib məsələlərdəndir.
Statistikaya əsasən, DSMF-də qeydiyyatda olan əmək pensiyaçılarının 343 min 245 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 min 740 nəfəri qadın, 135 min 505 nəfəri isə kişidir. 2003-cü ildə doğulan hər nəfərə gözlənilən orta ömür uzunluq göstəricisi 72,3 yaş idisə, 2013-cü ilin nəticələrinə görə bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6 yaş, qadınlar üçün 76,8 yaş təşkil etmişdir.
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasına hüququ olmayan kişilər 67, qadınlar isə 62 yaşına çatdıqda yaşa görə sosial müavinət hüququna malik olurlar. Orta ömür uzunluğuna dair statistik rəqəmlərdə olan faiz nisbətinin kişilərdə daha aşağı olduğunu nəzərə alaraq, kişilərin sosial müavinət hüququnun 65 yaşa endirilməsi məqsədəuyğundur.
Ahılların yalnız ehtiyaclı, asılı təbəqə kimi qəbul edilməməsi, onların ailəyə, icmalara, cəmiyyətə verdiyi töhfələrin etiraf edilməsi, həvəsləndirilməsi və dəstəklənməsi, habelə onların təcrübə və potensialından istifadə edilməsi vacibdir. Bu məsələlərə xüsusi önəm verilən Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdindəki Ahıllar üçün resurs mərkəzinin faydasının və uğurlarının müsbət təcrübə kimi yayılması və təkmilləşməsi də zəruri əhəmiyyət daşıyır.
Yaşlıların təhsilinə yanaşma məsələsində onların əvvəlki iş təcrübəsini nəzərə almaq, hər bir vətəndaşı cəmiyyətin həyatında fəal iştiraka cəlb etmək, fikirlərini ifadə etməyə şərait yaratmaq vacibdir. Problemin həlli yalnız yeni kursların açılması, peşələrin dəyişdirilməsindən ibarət deyil. Bununla bağlı, əhali arasında təbliğat aparmaq, ictimai fikirdə dönüş yaratmaqla cəmiyyətdə formalaşmış stereotip və kompleksləri aradan qaldırmaq, insanları zamanla ayaqlaşmağa sövq etmək lazımdır. Bu baxımdan, “Yaşlıların təhsili haqqında” qanun layihəsinin yenidən parlamentdə müzakirə edilməsi və təkmilləşdirilərək qəbul edilməsi məqsədəuyğundur.
Yaşlı valideynindən imtina edən övladın üzərinə qanunla məhkəmə qaydasında aliment ödəmək vəzifəsi qoyula bilər. Lakin “atılmış” valideynlərin bununla bağlı məhkəməyə müraciət etməməsi, övladların isə ictimaiyyətin qınağına məruz qalmaması bu sahədə geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsini zəruri edir.
Sağlamlıq imkanı məhdud ahılın yaxın qohumlarının ona baxmaq iqtidarında olmadıqları halda uzaq qohumları cəlb etməklə, belə imkan olmadığı halda isə ahılın öz istəyi ilə cəmiyyətdə tanıdığı, etibar etdiyi insanla ailə kimi yaşaması üçün şəraitin yaradılması istər ahılın rahatlığı, istərsə də qocalar evinin sakinləri üçün ayrılan böyük maliyyə vəsaitinin çox cüzi hissəsini onların sonrakı taleyini nəzarətdə saxlayan quruma, ailəyə, şəxsə ayrılması problemin həllinə kömək edə bilər.
Müvəkkilin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş “Ahılların hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nın qəbul edilməsi sürətləndirilməlidir.
Müvəkkilin tövsiyəsi və rəhbərliyi ilə təsisatın əməkdaşları tərəfindən ahılların hüquqi maarifləndirmə işində onlara yardımçı ola biləcək vəsait hazırlanmaqdadır.
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi. Müvəkkil əlilliyi olan şəxslərin hüquqlarının müdafəsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlamış, milli qanunvericiliyin bu qəbildən olan şəxslərin hüquqlarının təmini baxımından təkmilləşdirilməsi və onların mövcud problemlərinin həlli istiqamətində müxtəlif tədbirlər görmüş, aidiyyəti dövlət qurumlarına ünvanlanmış bir sıra təkliflər müsbət həllini tapmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müvəkkil və ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda müvafiq normativ hüquqi bazanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyət öz müsbət nəticəsini verməkdədir. Belə ki, Müvəkkilin, UNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin, aidiyyəti dövlət orqanlarının və ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının təklifləri də nəzərə alınmaqla “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramının (2015-2020-ci illər)” layihələri daha da təkmilləşdirilməsi üçün ictimai müzakirəyə təqdim edilmiş, müvafiq rəy və təkliflər hazırlanaraq nazirliyə təqdim edilmişdir.
Qeyd edilənlərlə yanaşı, müvafiq Konvensiyaya uyğun olaraq hazırlanmış və Müvəkkilin təkliflərinin böyük bir qisminin nəzərə alındığı “2014-2020-ci illərdə İnklüziv təhsilin inkişafına dair Dövlət Proqramı”nın və “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan fəaliyyət şəraitinin yaradılması Qaydaları”nın layihələrində müxtəlif mətndən, Brayl əlifbasından, toxunmaqla duyulan ünsiyyətdən, böyük şriftdən, mümkün multimedia vasitələrindən, eləcə də çap materiallarından və audio vasitələrdən, habelə mümkün informasiya-kommunikasiya texnologiyaları da daxil olmaqla, ünsiyyətin gücləndirici və alternativ metodlarından, üsul və formatlarından istifadə ilə bağlı tədbirlər və digər  mühüm məsələlər öz əksini tapmışdır.
Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramlarının tətbiq edilməsi, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, informasiya əldə etmək imkanlarının artırılması və cəmiyyətdən təcrid olunmasının qarşısının alınması sahəsində tədbirlərin həyata keçirilməsi ilə bağlı müddəalar MFP-də, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunmuşdur.
Müvəkkil hesab edir ki, bu layihələr müasir beynəlxalq standartlara və mövcud reallıqlara uyğun olaraq daha da təkmilləşdirilərək qəbul edildikdən sonra dövlətimizin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təmini sahəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərin lazımi səviyyədə yerinə yetirilməsində, bu insanların cəmiyyətə daha fəal inteqrasiya olunmalarında mühüm rol oynayacaqdır.
Əvvəlki illik məruzələrdə də qeyd edildiyi kimi, Müvəkkil 2011-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində yaradılması nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarını yerinə yetirən milli insan hüquqları təsisatı qismində müəyyən olunmuşdur.
Müstəqil monitorinq mexanizmi kimi müəyyən olunmuş xarici ölkə ombudsmanlarının təcrübəsinə əsasən, bu funksiyanın Paris Prinsiplərinə uyğun fəaliyyət göstərən milli insan hüquqları təsisatlarına həvalə edilməsi ilə həmin təsisata müvafiq olaraq əlavə səlahiyyətlərin verilməsi qanunvericilik yolu ilə həyata keçirilir. Müvəkkil bu funksiyaların daha səmərəli icrası məqsədilə Konstitusiya Qanununa müvafiq əlavə və dəyişikliklər edilməsini, aparatın strukturunun təkmilləşdirilməsini təklif etmiş, lakin bu məsələlər hələ də öz həllini tapmamışdır.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkilinə başlanılmış həmin Konvensiyadan irəli gələn vəzifələrin səmərəli icrası üçün qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət İşçi Qrupunda Müvəkkilin əlilliyi olan şəxslərin hüquqları üzrə ixtisaslaşdırılmış müşavirinin də təmsil olunması nəzərdə tutulmuşdur.
Müvəkkil, eyni zamanda ölkəmizin qanunvericiliyinə “əlilliyi olan şəxs” termininin daxil edilməsi ilə hazırda istifadə olunan qeyri-münasib terminlərdən imtina olunması üçün müvafiq qanunvercilik aktlarının Konvensiyaya uyğun olaraq təkmilləşdirilməsini təklif etmişdir.
Müvəkkil əlilliyi olan şəxslərin müraciətləri üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti orqanlara müraciətlər etmişdir.
Tibbi sosial ekspert komissiyaları tərəfindən 18 yaşınadək uşaqlarda sağlamlıq imkanları məhdudluğunun, 18 yaşından yuxarı vətəndaşlara isə müvafiq əlillik dərəcəsinin təyin edilməsi istiqamətində köməklik göstərilməsi məqsədilə Müvəkkil tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edilmiş və bir çox hallarda birgə səylər nəticəsində onların haqlı şikayətləri öz həllini tapmışdır.
Müvəkkil müxtəlif səbəblərdən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara (autizm və daun sindromlu, eşitmə və nitq problemli və s.) kompleks reabilitasiya xidmətlərinin (tibbi, sosial, psixo-pedaqoji və s.) göstərilməsi üçün müxtəlif profilli reabilitasiya-inkişaf mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi, bu sahədə ixtisaslaşmış kadrların hazırlanması, respublikanın şəhər və rayonlarının uşaq müalicə-profilaktika və təhsil müəssisələrində surdoloji və loqopedik kabinetlər şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlər də Müvəkkilin irəli sürdüyü təkliflər sırasındadır.
Müvəkkil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Əlil Təşkilatları İttifaqı tərəfindən hazırlanmış və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilmiş “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri fəaliyyət şəraitinin yaradılması Qaydaları”n daha da təkmilləşdirilərək təsdiqinin və icrasının sürətləndirilməsini təklif etmişdir.

 

 

II fəsil

Hüquqi maarifləndirmə, elmi analitik iş və
beynəlxalq əlaqələr sahəsində fəaliyyət, ictimaiyyətlə və
kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

2.1.  İnsan hüquqları sahəsində maarifləndirmə

Müvəkkilin insan hüquqları sahəsində maarifləndirmə fəaliyyəti ötən il də dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalarla, habelə beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıqda inkişaf etdirilmişdir.
“18 iyun - Milli İnsan Hüquqları Günü”, “21 sentyabr - Beynəlxalq Sülh Günü”, 20 noyabr - Uşaq hüquqları konvensiyasının qəbul edilməsi tarixi ərəfəsində Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq elan olunan aylıqlar və bu çərçivədə dövlət qurumları, müəssisə və təşkilatları tərəfindən keçirilən silsilə tədbirlər müsbət təcrübəyə çevrilməklə əhalinin müxtəlif qrupları arasında hüquq mədəniyyətinin və düşüncəsinin inkişafına, qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına öz töhfəsini verir.
Yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələblərin nəzərə alınması baxımından MFP insan hüquqlarının təmini üzrə ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif kateqoriyalarının, o cümlədən ən həssas qruplarının hüquqlarının müdafiəsinin gücləndirilməsində böyük əhəmiyyət daşıyır.
Bakı Dövlət Universitetində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin tədrisi davam etdirilir, magistratura pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmaqla bu sahəyə elmi yanaşma nümayiş etdirilir. Bununla belə, yalnız hüquq fakültəsində deyil, digər fakültələrdə də insan hüquqlarının tədrisinə başlanılmışdır. Bu müsbət təcrübənin digər ali təhsil müəssisələrində də yayılması zəruridir.
Artıq altı tədris ilidir ki, orta məktəblərdə “Uşaq hüquqlarının pilləli tədrisi” proqramı müsbət təcrübə kimi Bakıda və respublikanın bəzi rayonlarında davam etdirilmiş, təhsil ocaqlarında uşaq hüquqlarının tədrisi mərkəzləri yaradılmış, müvafiq tədris vəsaitləri əsasında uşaqlara ünvanlanan hüquqi təhsil inkişaf etdirilmişdir.
Təsisatda Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Slavyan Universitetinin Azərbaycan Dillər Universitetinin, Qafqaz Universitetinin tələbələri ardıcıl olaraq istehsalat təcrübəsi keçirlər.
Müvəkkil və təsisatın əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, “ADA” Universitetində, Polis Akademiyasında, Ədliyyə Akademiyasında, hərbi təhsil müəssisələrində tələbə və müdavimlər qarşısında insan hüquqlarına dair mütəmadi olaraq məruzələrlə çıxışlar etmişlər.
Ahılların Resurs Mərkəzində, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin “Liderlik məktəbi”ndə müntəzəm olaraq keçirilən həftəlik məşğələlərdə hüquqi maarifləndirmə işinə xüsusi diqqət yetirilmişdir.
Müvəkkilin təşəbbüsü ilə yaradılmış və uğurlu qarşılıqlı əməkdaşlığın nəticəsi olan Uşaq Hüquqları Klinikası qısa bir müddətdə özünün  fəaliyyətini daha da təkmilləşdirmiş, müraciətlər əsasında uşaqların maraqlarının müdafiəsi, məhkəmələrdə təmsilçilik, uşaq hüquqları sahəsində yerlərdə hüquqi maarifləndirmə işi təşkil olunmuşdur.
Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən və ətraf rayonları əhatə edən Müvəkkilin regional mərkəzləri də bölgələrdə əhalinin müxtəlif qruplarına ünvanlanan geniş hüquqi maarifləndirmə tədbirləri həyata keçirmişlər.
Tədbirlər planına uyğun olaraq, il ərzində qaçqın, məcburi köçkün və miqrantlara, məhkum və hərbi qulluqçulara, qadın, uşaq və gənclərə, ahıllara və əlilliyi olan şəxslərə ünvanlanan, habelə QİÇS və narkomaniyaya qarşı mübarizəni təbliğ edən tədbirlər keçirilmişdir.
Ənənəvi “Uşaq hüquqları aylığı” çərçivəsində Cenevrə Uşaq hüquqları bəyannaməsinin 90, BMT-nin Uşaq hüquqları bəyannaməsinin 55, Uşaq hüquqları konvensiyasının 25 illiyi münasibətilə silsilə tədbirlər, o cümlədən rəsm və jurnalist yazıları müsabiqəsi keçirilmişdir.
23 dekabr – bələdiyyə seçkiləri ərəfəsində də tədbirlər planı əsasında Bakıda və bölgələrdə əhali arasında hüquqi maarifləndirmə tədbirləri təşkil edilmişdir.
Təsisatın əməkdaşları tərəfindən Bakıda və ölkənin müxtəlif rayonlarında yerli icra hakimiyyəti, o cümlədən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, məhkəmə, prokurorluq, polis, təhsil və səhiyyə, habelə bələdiyyə orqanlarının, uşaq müəssisələri, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin və uşaqların iştirakı ilə məişət, o cümlədən uşaqlara qarşı zorakılıqla mübarizə, milli uşaq müdafiə sisteminin gücləndirilməsi, yuvenal ədliyyə və digər mövzularda silsilə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Müvəkkilin UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıqda uşaq hüquqlarının təbliği, təmini və müdafiəsi sahəsində də bir sıra tədbirlər təşkil edilmişdir.
Qadın hüquqlarının təbliği, gender bərabərliyi və məişət zorakılığına qarşı mübarizəyə dair hüquqi maarifləndirmə işinin genişləndirilməsi, respublikanın ayrı-ayrı bölgələrində seminar-treninqlərin təşkili, maarifləndirmə vəsaitlərinin hazırlanması və yayılması, ailədə qadınlara və qız uşaqlarına qarşı zorakılıq hallarının qarşısının alınması üzrə proqramların hazırlanması və tətbiqi, qadın sahibkarların hüquqlarının müdafiəsi, habelə azyaşlı qızların təhsildən kənarda qalmasının və erkən nikahların qarşısının alınması üzrə hüquqi maarifləndirmə işi davam etdirilmişdir.
Azərbaycan Hökumətinin Universal Dövri İcmal prosesi çərçivəsində və BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiyasına dair təqdim edilmiş hökumətin bu qurumlara verdiyi hesabatları üzrə verilmiş tövsiyələr nəzərə alınaraq, BMT-nin Əhali Fondu ilə birlikdə “Məişət zorakılığı ilə mübarizə, cinsi və reproduktiv sağlamlıq hüquqları”nın insan hüquqları baxımından təmini vəziyyətinə dair dövlət qurumları və vətəndaş cəmiyyəti üzvləri üçün silsilə treninqlər keçirilmişdir.
1 oktyabr - Beynəlxalq ahıllar günü ərəfəsində keçirilmiş tədbirlərə Ahılların resurs mərkəzi də cəlb edilmişdir.
Qaçqın, məcburi köçkün və miqrantlara ünvanlanan hüquqi maarifləndirmə işi əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıqda həyata keçirilməkdədir.
Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin bir sıra hərbi hissələrində maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Milli Preventiv Qrup tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşları üçün seminar-treninqlər, müşavirələr keçirilməsi davam etdirilmişdir.
1 dekabr - AİDS-lə Beynəlxalq mübarizə günü  və may ayının üçüncü bazar günü qeyd olunan HİV/AİDS xəstəliyindən vəfat etmiş insanların anım günü, 26 iyun – Narkomaniyaya qarşı beynəlxalq mübarizə günü ərəfəsində silsilə tədbirlər keçirilmişdir.   
Əhali arasında geniş hüquqi təbliğat və maarifləndirmə işinin aparılmasında maarifləndirici nəşrlərin əhəmiyyətinə xüsusi önəm verən təsisatda ümumilikdə 160 adda çap məhsulu hazırlanmış, insan hüquqlarına və layiqli idarəetməyə dair 23-dən artıq tədris və dərs vəsaiti xarici dillərdən Azərbaycan dilinə tərcümə olunmuş, Azərbaycan dilində olan 46 vəsait ingilis dilinə, 36-sı isə rus dilinə tərcümə olunaraq çap edilmiş, geniş oxucu auditoriyası arasında, habelə tədbirlərdə yayılmış və kitabxanalara paylanmışdır.

2.2.  Elmi-analitik sahədə fəaliyyət

İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə normativ-hüquqi aktlara, dövlət plan və proqramlarına dair təkliflərin, Milli Məclisdən, dövlət qurumlarından və vətəndaş cəmiyyəti təsisatlarından daxil olmuş qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı müvafiq layihələrə dair rəy və təkliflərin, bəzi normativ-hüquqi aktların müvafiq müddəalarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğuların, bir sıra beynəlxalq hüquqi aktlara ölkəmizin qoşulması barədə müvafiq təkliflərin hazırlanması, müxtəlif beynəlxalq təşkilatlardan daxil olan sorğu və müraciətlərin cavablandırılması  və s. bu kimi istiqamətlərdə elmi-analitik fəaliyyət həyata keçirilmişdir.
Müvəkkil MFP-nin icra müddəti başa çatmış bəndlərinin yenisi ilə əvəz edilməsini təklif etmiş, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)” layihəsinin yekun variantına dair təkliflər irəli sürmüş, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2015-2020-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncam layihəsinə və “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2015-2020-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın, “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının (2014-2018-ci illər)” layihələrinə, habelə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş məsələlərə dair rəy və təkliflər hazırlamışdır.
Ölkəmizin Avropa Sosial Xartiyasının bəzi maddələrinə, “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə” Beynəlxalq Konvensiyaya, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın Fakültativ Protokoluna, “Qadınlara və ailədaxili zorakılığa qarşı” Avropa Konvensiyasına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 12 saylı Protokol”a, “Dərc olunmuş əsərlərə kor, görmə qüsurlu və ya çap məhsullarını oxumaqla bağlı başqa əlilliyi olan şəxslər üçün əlçatımlığı asanlaşdırmağa dair Mərakeş Müqaviləsi”nə qoşulmaq tövsiyə edilmişdir.
Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Mənzil, Vergilər, Şəhərsalma və Tikinti məcəllələrinin, o cümlədən əlillik, pensiya, sosial müavinət, sosial xidmət, penitensiar sahələri ilə bağlı qanunvericilik aktlarının monitorinqi həyata keçirilmiş və müvafiq təkliflər irəli sürülmüşdür.
“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nın, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi”nin layihələrinə rəy və təkliflər verilmişdir.
Müvəkkilin Əmək Məcəlləsinin 114-cü maddəsinin (Əsas məzuniyyət və onun müddətləri) 6-cı hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə ünvanladığı sorğusu əsasında həmin məhkəmənin Palatası tərəfindən müvafiq qərardad qəbul edilmişdir.
Cinayət-Prosessual Məcəlləsinin 448.5-ci maddəsinin (İstintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair hakimin qərarı) Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə sorğu əsasında həmin məhkəmənin Plenumunun 2014-cü il 16 sentyabr tarixli qərarı ilə müvafiq Məcəllənin 448.5-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I  hissəsinə və 149-cu maddəsinin III hissəsinə uyğun olmayan hesab edilmiş, bununla da sorğu təmin edilmişdir.
Müvəkkilin Konstitusiya Məhkəməsinə ümumilikdə ünvanladığı 26 sorğudan on altısı üzrə qərarlar, on iş üzrə isə Palata tərəfindən istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edən genişləndirici şərhləri özündə ehtiva edən qərardadlar qəbul edilmişdir.
Qeyd edilən fəaliyyətin əsas istiqamətlərindən biri də Müvəkkilin, habelə əməkdaşların beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlərdə iştirakı zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təmininə yönəlmiş çoxsaylı mülahizə, rəy, təklif və bəyanatlarla çıxış və məruzələri olmuşdur.
Dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar tərəfindən göndərilmiş müxtəlif məzmunlu sənədlərin icrası yönümündə elmi təhlillərin aparılması və cavablandırılması kimi nəzəri və təcrübi məsələlər aktual olaraq qalmışdır.
 
2.3.  İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq. Qeyri-hökumət təşkilatları, insan hüquqları sahəsində ixtisaslaşmış mütəxəssislərlə və icmalarla Müvəkkilin əlaqələri ötən il daha da genişləndirilmişdir. İstər həmin təşkilatlar cəlb edilməklə, istərsə də birgə əməkdaşlıqda ardıcıl tədbirlər keçirilmişdir.
MFP-də nəzərdə tutulmuş müddəalar, habelə onun icrası vəziyyəti qeyri-hökumət təşkilatlarının iştirakı ilə müzakirə olunmuş, təklif və tövsiyələr nəzərə alınmışdır.
Müvəkkil tərəfindən qeyri-hökumət təşkilatlarının da iştirakı ilə keçirilmiş BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan Respublikasının ikinci məruzəsinə dair tövsiyələrin klasterlər üzrə müzakirəsinə həsr edilmiş dəyirmi masada tövsiyələrin icrası sahəsində şəbəkə şəklində birgə fəaliyyət göstərmək qərara alınmışdır.
Müvəkkilin təşəbbüsü və qeyri-hökumət təşkilatlarının iştirakı ilə insan hüquqlarının müxtəlif aspektlərinə həsr olunmuş tədbirlər, o cümlədən BMT-nin Əhali Fondu ilə birlikdə “Cinsi və reproduktiv sağlamlıq hüquqlarının insan hüquqları baxımından təminatı”, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbində “Mənim hüquq və vəzifələrim”, “Heydər Əliyev və insan hüquqları”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın icrasına dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin müvafiq komitəsinin tövsiyələrinin müzakirəsi”, habelə Ümumdünya Əqli Sağlamlıq günü, Xocalı soyqırımının 22-ci ildönümü, 31 Mart - Azərbaycanlıların Soyqırımı günü, biznes və insan hüquqları, habelə seçki hüquqları ilə bağlı mövzular üzrə tədbirlər keçirilmiş, irəli sürülən təklif və tövsiyələr ümumiləşdirilərək müvafiq dövlət qurumlarına ünvanlanmışdır.
Müvəkkilin regional mərkəzləri də qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, icmalarla sıx əməkdaşlıq şəraitində işləmiş, onların iştirakı ilə mütəmadi tədbirlər keçirilmişdir.
10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyasının 35-ci və Uşaq Hüquqları Konvensiyasının 25-ci  ildönümünə  həsr olunmuş “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda keçirilmiş konfransda vətəndaş cəmiyyəti institutlarından Milli Qeyri-Hökumət Təşkilatları Forumu, Azərbaycan Qadınlar Cəmiyyəti, Qadın və İnkişaf Mərkəzi, Uşaq və Gənclərin Sülh Şəbəkəsi, Ahılların Resurs Mərkəzi, Əlil Təşkilatları İttifaqı, Uşaq Hüquqları üzrə Qeyri-Hökumət Təşkilatları Alyansı, Valideyn-Müəllim Assosiasiyası, Ümidli Gələcək Gənclər Təşkilatı və digər təşkilatlar da qatılmış, ənənəvi “Mən və hüquqlarım” uşaq rəsm, o cümlədən “Hüquqlar - hamı üçün!” jurnalist yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak etmişlər.

Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq. Təsisatın məqsəd və məramlarını, yeni ideya və təşəbbüslərini, fəaliyyətinin ən müxtəlif aspektlərini əks etdirən məlumatlar müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, informasiya agentliklərinə, elektron qəzetlərə və online xəbər portallarına göndərilmişdir. 
Paytaxtda və ölkəmizin müxtəlif bölgələrində nəşr olunan qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli kütləvi informasiya vasitələri ilə əməkdaşlıq davam etdirilmişdir. Aparatda müxtəlif mövzular üzrə mətbuat konfransları və brifinqlər keçirilmiş, mətbuat nümayəndələrinin diqqəti təsisatın insan hüquqlarının müdafiəsi, o cümlədən pozulmuş hüquqların bərpası sahəsində fəaliyyətinə istiqamətləndirilmişdir.
İnformasiya əldə etmək hüququnun pozulmasına dair müraciətlərdə əks olunmuş halların araşdırılması zamanı Müvəkkil informasiya sahibi olan dövlət, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən  “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilib-edilməməsini aydınlaşdırmış, informasiya əldə etmək hüququ ilə bağlı müraciətlər təhlil olunmuş, müvafiq qurumlara sorğular göndərilmiş, onların həlli üzrə tədbirlər görülmüşdür.
Təsisatda müxtəlif kütləvi informasiya vasitələri nümayəndələrinin, informasiya sahibi olan dövlət qurumlarının mətbuat xidməti rəhbərlərinin və mətbuat üzrə tanınmış ekspertlərin iştirakı ilə məsləhətləşmələr davam etdirilmişdir.
Müvəkkil Kanadada keçirilən Şəxsi məlumat və Çatım Hüququ üzrə simpoziumda və İnformasiya Ombudsmanlarının VII Beynəlxalq konfransında, aparatın mətbuat xidmətinin rəhbəri isə Dubayda keçirilmiş beynəlxalq media konfransında iştirak etmişdir. 
Ölkəmizdə səfərdə olan Beynəlxalq Jurnalistlər Federasiyasının nümayəndə heyətinin üzvlərini qəbul etmiş Müvəkkil onlara fikir, söz və ifadə azadlığı sahəsində görülən işlər barədə geniş məlumat vermişdir.
Şotlandiyanın Dandi Universitetinin Hüquq Məktəbinin İnformasiya Azadlığı Mərkəzinin “İnformasiya müvəkkilləri haqqında” sorğusu, habelə miqrantlar, uşaqlar, gender və digər məsələlərlə bağlı sorğular da cavablandırılmışdır.
Təsisatın fəaliyyəti barədə ümumilikdə qəzet və jurnallarda 9.764, ötən il isə 344  məqalə və informasiya dərc olunmuşdur. Bununla yanaşı, mətbuat xidməti tərəfindən ötən il 219 olmaqla, ümumilikdə 3.298 press reliz yayılmışdır. Press relizlər  ingilis dilinə çevrilərək Avropa Şurasına göndərilmişdir.
Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin insan hüquqları sahəsində fəaliyyəti ilə bağlı əhali arasında keçirdiyi hüquqi maarifləndirmə tədbirləri, aparılmış monitorinqlər barədə 60-dək press reliz hazırlanmış və yayımlanmışdır.
Təsisatın fəaliyyətə başladığı vaxtdan Müvəkkil 56 bəyanat vermişdir.  2014-cü ildə Müvəkkilin 20 Yanvar faciəsinin 24-cü ildönümü, Xocalı soyqırımının 22-ci ildönümü, 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar, habelə 21 sentyabr - Beynəlxalq Sülh Günü münasibətilə verdiyi 4 bəyanat müxtəlif nüfuzlu beynəlxalq qurumlara ünvanlanmışdır.
Aylıq İnformasiya bülletenlərinin 120 sayı, o cümlədən 2014-cü ildə 12 sayı hazırlanmış, üç kitabda  toplanaraq nəşr edilmişdir.
Müvəkkilin fəaliyyəti dəfələrlə yüksək dəyərləndirilmiş, müxtəlif nominasiyalar üzrə mükafatlarla və fəxri diplomlarla təltif edilmişdir.

2.4. Beynəlxalq əlaqələr

İnsan hüquqlarının səmərəli müdafiəsi və təbliği sahəsində fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə Müvəkkil ötən il də beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirmişdir. Beynəlxalq təşkilatlarla və digər ölkələrdə fəaliyyət göstərən  milli insan hüquqları təsisatları ilə qurulmuş əməkdaşlıq əlaqələri bu istiqamətdə qarşıya qoyulan məqsədlərə çatmaqda olduqca mühim rol oynamışdır.
Ötən il insan hüquqları sahəsində beynəlxalq təcrübəni öyrənməklə yanaşı, Müvəkkilin təklifləri də nəzərə alınmaqla insan hüquqlarının müdafiəsi və təbliği sahəsində ölkədə görülən işlərin beynəlxalq arenaya çatdırılması baxımından uğurlu olmuşdur. 
İnsan hüquqlarının müdafiəsinə həsr olunmuş qlobal xarakterli mühüm məsələlərin müzakirəyə çıxarıldığı tədbirlərdən biri də Müvəkkilin təşəbbüsü ilə UNESCO-nun dəstəyi ilə 18-20 iyun tarixlərində ABŞ, İsveçrə, Rumıniya, Serbiya, Makedoniya, Nepal, Türkiyə, Şimali Kipr Türk Respublikası, Pakistan, Qırğızıstan, Gürcüstan, Moldova, Latviya, Rusiya Federasiyası və onun subyektlərinin, habelə bir sıra digər ölkələrin təmsilçilərinin də iştirakı ilə “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilmiş Ombudsmanların XII Bakı Beynəlxalq konfransı olmuş, yekun olaraq yekdilliklə Bakı Bəyannaməsi qəbul edilmişdir.
Müvəkkilin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və UNİCEF-in Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda uşaq müdafiə sisteminin uşaqlara qarşı zorakılıqla mübarizəyə dair fəaliyyətinin təhlili” üzrə hesabatın ictimai təqdimatı keçirilmişdir.
Beynəlxalq təşkilatlarla işin daha səmərəli qurulması məqsədilə maarifləndirici tədbirlərin təşkil olunmasına da böyük əhəmiyyət verilmişdir. Belə ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin Milli insan hüquqları institutları və regional mexanizmlər bölməsinin nümayəndəsinin iştirakı ilə “Milli insan hüquqları institutlarının parlament, dövlət qurumları və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilmişdir.
Müvəkkil və əməkdaşları ötən il bir sıra beynəlxalq tədbirlərdə də iştirak etmiş, beynəlxalq təcrübəni öyrənməklə yanaşı, ölkədə insan hüquqları sahəsində aparılan islahatlar və təsisatın fəaliyyəti barədə məlumatlar vermiş, vəsaitlər yaymışlar.
Müvəkkil BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən İnsan Hüquqları Şurasının (İHŞ) 25-ci sessiyasının “Münaqişə şəraitində uşaq hüquqları” mövzusuna həsr edilmiş iclasına da qatılmış, bəyanatla çıxış etmişdir. O, öz bəyanatında çox sayda insanın həlak olduğunu, insan hüquqlarının kütləvi şəkildə pozulduğunu qeyd etmiş, ölkəmizin üzləşdiyi, Ermənistanın 25 ildən artıq davam edən təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş bir milyona qədər azərbaycanlının üçdən birini məhz uşaqların təşkil etdiyini nəzərə çatdırmışdır. Müvəkkilin bununla bağlı şifahi bəyanatı və həmin bəyanatın videoyazısı tədbirin sənədləri sırasına daxil edilərək internet səhifəsində yerləşdirilmişdir.
Həmin sessiya çərçivəsində “Genosid  cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiya”nın 65-ci ildönümü münasibətilə genosidin qarşısının alınmasına həsr olunmuş iclasda Müvəkkilin yazılı bəyanatı qurumun rəsmi sənədləri sırasına daxil edilərək internet səhifəsində yerləşdirilmiş və 250 nüsxədə çap edilərək iştirakçılar arasında paylanmışdır.
Müvəkkil Türkiyənin Antalya şəhərində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə “Ailə planlamasında ümumi bazar yanaşmalarının təşviqi siyasəti” mövzusunda təşkil olunan beynəlxalq tədbirdə iştirak edərək, ailə planlaşması, reproduktiv sağlamlıq mövzularında keçirilən tədbirlər haqqında məlumat vermiş, bu mövzuda hazırlanmış nəşrləri iştirakçıların nəzərinə çatdırmışdır.
Müvəkkil, eyni zamanda BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin Cenevrədə keçirilmiş 27-ci iclasında, habelə İslamabad şəhərində “Bilik, təcrübə və ideya mübadiləsi ilə İƏT üzv dövlətlərində Ombudsman İnstitutlarının gücləndirilməsi”  mövzusuna həsr olunmuş “İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin ombudsman institutlarının şəbəkələşməsi”nə dair birinci konfransda, Ankara şəhərində Türkiyə Respublikasının Ombudsman təsisatı (İctimai Nəzarət Təşkilatı) tərəfindən təşkil olunan Ombudsmanların 2-ci Beynəlxalq Simpoziumunda məruzələrlə çıxış etmişdir. Sonuncu tədbirdə “Dövlət qurumları və ya vəzifəli şəxslərlə vətəndaşlar arasında yaranan mübahisələrin dostcasına həllində Ombudsmanın rolu” mövzusunda məruzəsi maraqla qarşılanan Müvəkkil öz çıxışında mübahisələrin məhkəmədənkənar həllində innovativ yolların tapılmasının tətbiqinin insan hüquqlarının səmərəli müdafiəsində əhəmiyyətli olduğunu bildirmişdir.
Ötən il Müvəkkil müxtəlif beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurası Parlament Assambleyasının üzvlərini, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını, BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisini, BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) nümayəndələrini, beynəlxalq ekspertləri, ölkəmizdə fəaliyyət göstərən bir sıra xarici ölkələrin səfirlərini qəbul etmiş, onlara insan hüquqları sahəsində görülmüş işlər, həyata keçirilmiş islahatlarla bağlı geniş məlumat vermiş, birgə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

 

Nəticə və tövsiyələr

Hər il olduğu kimi, ötən il də ölkəmizdə sosial-iqtisadi həyatın bütün sahələrində irimiqyaslı, əhalinin bütün təbəqələrini, xüsusilə də aztəminatlı ailələri və qayğıya daha çox ehtiyacı olan insanları əhatə edən ardıcıl tədbirlər həyata keçirilmişdir.
İnsanların rifah halının yüksəlməsinə xidmət edən iqtisadi və sosial layihələr əməkhaqlarının, pensiya və müavinətlərin artmasında, məşğulluğun təmin edilməsi nəticəsində işsizliyin azalmasında böyük rol oynamışdır.
Əmək, sosial təminat, səhiyyə, təhsil və digər sahələrdə müasir çağırışlara əsaslanan yeni üsul və sistemlərin tətbiqi əhalinin rifah halının getdikcə yüksəlməsinə, nəticə etibarilə, insan hüquqlarının inkişafına və etibarlı müdafiəsinə əhəmiyyətli təkan vermişdir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərə doğru atılmış hər bir addım, həyata keçirilmiş silsilə tədbirlər ölkəmizin davamlı inkişafı və vətəndaşların sosial vəziyyətinin getdikcə yaxşılaşmasını təmin etməkdədir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi üzrə vəzifələri həyata keçirən müvafiq icra orqanlarının fəaliyyətinə ictimai nəzarətin tətbiq edilməsi ilə bağlı Müvəkkilin bu illər ərzində davamlı olaraq irəli sürdüyü və cəmiyyət tərəfindən də dəstəklənən təklifin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə öz həllini tapması ötən ilin mühüm uğurlarındandır.
Aşkarlıq, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad, idarəetmədə yeni təşəbbüslər, cəmiyyətin tərəqqisində müasir çağırışlar, qabaqcıl informasiya texnologiyalarının və innovasiyaların tətbiqi bundan sonra da ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, əhalinin isə sosial vəziyyətinin yüksəlməsinə xidmət edəcəkdir.
Ötən dövrdə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və icmalarla, habelə beynəlxalq təşkilatlarla və xaricdəki həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Müvəkkil insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, o cümlədən əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş bir sıra yenilik və təşəbbüslərlə çıxış etmiş, fəaliyyəti dövründə 460-dan artıq təklif və tövsiyələr irəli sürmüşdür ki, onların da böyük bir hissəsi – 60 faizindən çoxu artıq icra edilmişdir.
İstər səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş, istərsə də Müvəkkilin illik məruzələrində öz əksini tapmış həmin təklif və tövsiyələrin bir qismi müxtəlif qanunvericilik aktları və proqram sənədləri qəbul edilərkən nəzərə alınmış, həmçinin dövlət qurumlarının cari fəaliyyətində icra edilərək öz həllini tapmışdır.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi məqsədilə Müvəkkilin illik məruzələrində irəli sürdüyü, habelə aidiyyəti dövlət qurumlarına göndərdiyi bir sıra təklif və tövsiyələr təəssüf ki, hələ də öz həllini gözləməkdədir.
Müvəkkil tərəfindən təşkil edilmiş tədbirlərin, habelə ictimai dinləmələrin nəticələri göstərmişdir ki, insan hüquqlarının təmin edilməsinə məsul olan dövlət qurumlarının imkanları təşkilatlanmalı, əlaqələndirilməli və səfərbər edilməli, vətəndaş cəmiyyəti təsisatları da cəlb edilməklə qazanılmış uğurlar geniş təbliğ olunmalı, qarşılıqlı əməkdaşlıqda problemlərin həlli yolları müzakirə edilməklə fəaliyyət davam etdirilməlidir.
Qeyd edilənlərlə yanaşı, əhalinin, o cümlədən qayğıya daha çox ehtiyacı olan qrupların bir sıra problemlərinin həlli məqsədilə Müvəkkil aşağıdakıları təklif edir:

- BMT-nin, İnsan hüquqları üzrə Ali Komissarlığın, habelə UNESCO-nun təhsil və hüquqi maarifləndirmə onilliklərinin 2015-ci ildə bitməsi, habelə sonrakı dövr üçün yeni prioritetlər nəzərə alınmaqla, informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunmaqla, dövlətin, vətəndaş cəmiyyətinin və icmaların imkanlarının səfərbər edilməsi, birgə səylərlə geniş hüquqi təhsil və maarifləndirmə qurumlarının və şəbəkələrinin yaradılması, fəaliyyətinin dəstəklənməsi;

- 2015-ci ilin Avropa İnsan Hüquqları Konvensiyasının 65 illiyi ilə əlamətdar olduğu nəzərə alınaraq il ərzində bu Konvensiyanın insan hüquqlarını nəzərdə tutan ayrı-ayrı maddələrinin təhlilinə, həmçinin Konvensiyanın milli səviyyədə implementasiyasına dair Avropa Şurasının və Avropa Məhkəməsinin ekspertlərinin iştirakı ilə silsilə tədbirlərin keçirilməsi;

- təsisat yanında “İnsan hüquqları üzrə təhsil şəbəkəsi”nin yaradılmasının və fəaliyyətinin genişləndirilməsinin, habelə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin yaradılmasının dəstəklənməsi;

- minilliyin inkişaf məqsədlərinin icrası dövrünün bitməsini nəzərə alaraq, 2015-ci ildən sonrakı onillik üçün müəyyən edilmiş “Davamlı inkişaf məqsədləri”nə uyğun olaraq, yeni strategiyalar və konseptual yanaşma əsasında tədbirlər proqramının hazırlanması və təşviq edilməsi;

- humanitar sahədə, habelə sosial-iqtisadi inkişafla bağlı icra edilmiş və vaxtı keçmiş dövlət plan, proqram və strategiyalarının, habelə müasir çağırışlara əsaslanan yeni konsepsiyaların hazırlanıb təsdiq edilməsi;

- aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və respublikanın şəhər və rayon mərkəzlərində dövlət büdcəsindən maliyyələşən və ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması, həmçinin regionlarda peşəkar vəkillərin sayının artırılmasının dəstəklənməsi;

- vətəndaşların müraciət etmək hüququnun səmərəli təmini məqsədilə yaradılmış regional elektron müraciət terminalları şəbəkəsinin genişləndirilməsi və onlardan istifadəsinin təşviqi nəzərə alınaraq, yerlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə treninqlərin keçirilməsi;

- yeni seçilmiş qadın bələdiyyə üzvlərinin, o cümlədən regionlarda qadınların fəallığının artırılması məqsədilə treninqlərin keçirilməsi, lider qadınların hazırlanması üzrə tədbirlərin təşkil edilməsi;

- Beynəlxalq Əmək Təşkilatının “Analığın mühafizəsi haqqında” (2000-ci il) və “Kişi və qadın işçiləri üçün bərabər imkanlar: ailə vəzifələri olan işçilər haqqında” (1981-ci il) konvensiyalarından irəli gələn öhdəliklər nəzərə alınaraq, işləyən qadınların və ailə vəzifələri olan işçilərin əmək hüquqları ilə əlaqədar əmək qanunvericiliyinin təkmilləşdirilməsi;

- işçilərin əmək hüquqlarının səmərəli müdafiəsi məqsədilə Müvəkkilin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə iş yerlərində birgə monitorinqlərin aparılması;

- «Avropa Sosial Xartiyası»nın 2-ci (ədalətli əmək şəraiti hüququ), 3-cü (təhlükəsiz və sağlam əmək şəraiti hüququ), 10-cu (peşə hazırlığı hüququ), 13-cü (sosial və tibbi yardım hüququ), 15-ci (əlil şəxslərin müstəqillik, sosal inteqrasiya və ictimai həyatda iştirak etmək hüququ), 17-ci (uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiə hüququ), 19-cu (əmək miqrantlarının və onların ailələrinin müdafiə və yardım hüququ), 23-cü (ahıl yaşlı şəxslərin sosial müdafiə hüququ), 30-cu (yoxsulluq və sosial təcridolunmadan müdafiə hüququ) və 31-ci (yaşamaq yeri hüququ) maddələrinin Azərbaycan Respublikası tərəfindən tədricən ratifikasiya edilməsi;

- ölkəmizin Beynəlxalq Əmək Təşkilatının «Sosial təminatın minimum normaları haqqında» 102 saylı Konvensiyasına (Cenevrə, 4 iyun 1952-ci il) qoşulması;

- 2006-cı il 1 yanvar tarixinə kimi ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə dəyişiklik edilməsi;

- döyüş (cəbhə) bölgəsində düşmən qüvvələrinin açdığı atəş nəticəsində həlak olan, yaralanan, travma və ya kontuziya alan mülki şəxslərə (və ya onların ailələrinə) qanunvericiliklə maddi yardımın müəyyən edilməsi;

- «Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli, 258 saylı Fərmanına əlavə və dəyişikliklər edilməsi (Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin vəfatından sonra onların arvadına (ərinə), valideynlərinə, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına, uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına, qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə təyin edilməsi, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək ödənilməsi məqsədilə);

- Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli, 32 saylı Qərarı ilə təsdiq edilmiş «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»nın 3.8-ci bəndinə yeni məzmunda “Sosial yardımın təyin edilməsi barədə komissiyanın qərarı çıxarıldığı vaxtdan 3 iş günündən gec olmayaraq, ailəni təmsil edən şəxsə məlumat verilməlidir” cümləsinin əlavə edilməsi;

- “Reproduktiv sağlamlığın qorunması haqqında” qanunun qəbul edilməsinin sürətləndirilməsi, habelə reproduktiv sağlamlığa dair 2008-2015-ci illər üzrə milli strategiyanın müddətinin bitməsi ilə əlaqədar yeni strategiyanın hazırlanması və qəbul edilməsi;

- ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, təhlükəsiz analığın təmin edilməsi, sağlam, istənilən sayda və ara verməklə arzu olunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında ölüm, habelə dölün arzuolunmayan cinsinə görə hamiləliyin süni dayandırılması hallarının qarşısının alınması məqsədilə ana və uşaq ölümlərinin səbəblərinin təhlil edilməsi, ölkəmizin prioritetləri nəzərə alınaraq, icma səviyyəsində ailə planlaşması xidmətlərinin təşkili, qeysəriyyə əməliyyatının tibbi əsaslarına əməl edilməsinin birgə monitorinqinin aparılması;

- hamilə qadınlar, analar və körpələr üçün dövlət hesabına ödənişsiz tibb xidmətlərinin və  məsləhətlərin təşkili, patronaj xidmətinin bərpa edilməsi;

- QİÇS-ə, hepatitə, narkomaniyaya və toksikomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə Bakıda və regionlarda maarifləndirmə işinin genişləndirilməsi;

- ruhi xəstələrin saxlanılma şəraitinin və onlarla rəftarın Avropa Minimum Standartlarına uyğunlaşdırılmaqla təkmilləşdirilməsi, onlar üçün ixtisaslaşmış və standartlara uyğun yeni binaların tikilməsinin sürətləndirilməsi, bu xəstəxanaların zəruri qida məhsulları, dərman preparatları və tibbi nəqliyyat vasitələri ilə təmin olunması;

- Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"nın təkmilləşdirilərək genişləndirilməsi;

- Ali, orta ixtisas və ümumtəhsil müəssisələrində “İnsan hüquqları”nın müstəqil fənn kimi tədris edilməsi;

- təhsili davam etdirmək üçün ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında magistraturada təhsil alanlara təhsilini bitirənədək çağırışa möhlət verilməsi və bu məqsədlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsində dəyişiklik edilməsi;

- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müddətinin başa çatdığı nəzərə alınaraq, qarşıdakı illər üçün yeni proqramın hazırlanıb tətbiq edilməsi;

- uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsi, bununla yanaşı, valideyn və müəllim məsuliyyətinin artırılması, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi;

- dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan ehtiyaclı tələbələrin yataqxanalarda yerlə təmin edilməsi, bu mümkün olmadığı hallarda onlara mənzil kirayəsi haqqının ödənilməsi;

- "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli, 695 saylı Fərmanı ilə nəzərdə tutulmuş qaydaların və digər qanunvericilik aktlarının hazırlanıb təsdiq edilməsinin sürətləndirilməsi;

- “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust, 153 saylı Fərmanı ilə nəzərdə tutulmuş, lakin hazırkı vaxta kimi qəbul edilməmiş qanunvericilik aktlarının qəbulunun sürətləndirilməsi;

- vətəndaşlara məxsus mülkiyyət dövlət ehtiyacları üçün özgəninkiləşdirildiyi və əvəzləşdirildiyi hallarda adekvat yaşayış sahəsi əldə edilməsinə yetərli olan məbləğdə kompensasiya müəyyən edilməsi şərtilə əmlak bazarındakı real qiymətlərə uyğunlaşdırılmaqla vaxtında ödənilməsi;

- güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbinə uyğun artırılması, vətəndaş, xüsusilə gənc ailələr tərəfindən ödənilməli olan ilkin məbləğin minimuma endirilməsi və ya ləğv edilməsi, kreditin ödənilməsi müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik olan şəxslər siyahısının genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli, 515 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi;

- vətəndaşların, xüsusilə aztəminatlı və gənc ailələrin, habelə gənc alimlərin və mütəxəssislərin mənzillə təminatı məsələsinin həllinə kompleks yanaşmanı, köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini özündə əks etdirən konsepsiyanın və məqsədli Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;

- torpaq payı kimi verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar və şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanları tərəfindən buraxılmış səhv nəticəsində ləğv edilərək əvəzində verilmiş "Torpaq sahəsinin planı və ölçüsü" üzrə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və digər sənədlərin verilməsi üçün vətəndaşların dövlət rüsumundan azad edilməsi ilə bağlı müddəanın “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa yeni 27.5-ci maddənin əlavə edilməsi;

- qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qəbul komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, sığorta edilməmiş çoxmənzilli binalarda mənzillərin məskunlaşdırılmasına və satılmasına qanunla qadağa qoyulması;

- Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-cü bəndinə yeni məzmunda "İstehlakçıya verilmiş elektrik enerjisinin sayğacla müəyyənləşən hesabının istehlakçı tərəfindən müəyyən edilmiş müddətdə tam ödənilməməsi səbəbilə enerji təchizatı müəssisəsi tərəfindən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması müəyyən edilmiş qaydada aktlaşdırılmaqla və müvafiq bildiriş göndərilməklə dayandırıla bilər” cümləsinin əlavə edilməsi;

- bankların krediti razılaşdırılmış vaxtdan əvvəl ödəyən istehlakçıların kreditləri üzrə faiz dərəcələrini azaltmaq və ya kredit üzrə əsas borcun istehlakçının istəyinə uyğun vaxtından əvvəl ödəmək hüququna malik olmaq vəzifəsini özündə ehtiva edən dəyişikliyin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsində əlavə edilməsi;

- keçmiş SSRİ Dövlət Sığorta Baş İdarəsi tərəfindən vətəndaşlarla bağlanılmış “Həyat sığortası”, “Uşaqların sığortası”, “Nikahadək (toy) sığortası” və digər sığorta növləri üzrə müqavilələrdə nəzərdə tutulmuş məbləğlərin indeksləşdirilməsi, ödənilməsi mexanizminin hazırlanması və tətbiq edilməsi;

-  vətəndaşlar tərəfindən 1992-ci il 1 yanvar tarixindən sonra Azərbaycan Respublikasının dövlət banklarına (əmanət banklarına) qoyulmuş və inflyasiya nəticəsində qiymətdən düşmüş əmanətlərin indeksləşdirilməsi mexanizminin hazırlanıb tətbiq edilməsi;

- korporativ məsuliyyət məsələsinə diqqətin artırılması, əhalinin qayğıya ehtiyacı olan qruplarının hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara müvafiq vergi güzəştlərinin tətbiq olunması, sahibkarların hüquqlarının effektiv reallaşdırılması və bu hüquqlar məhdudlaşdırılmadan onların fəaliyyətinə qanunla müəyyən edilmiş nəzarətin gücləndirilməsi, həmçinin müvafiq beynəlxalq sənədlərdə öz əksini tapmış hüquq normalarının, prinsip və standartların Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilməsi;

- malların ilkin qiymətləri və onlara edilən endirimlərlə bağlı "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda müvafiq dəyişikliklərin edilməsi, habelə istehlakçıya düzgün məlumat verməyən ticarət obyektləri ilə bağlı inzibati cərimənin tətbiq edilməsi;

-  zorakılığa qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətin daha da təkmilləşdirilməsi və belə münasibətdən əziyyət çəkən insanların, xüsusilə qadınların hüquqlarının etibarlı müdafiəsi məqsədilə Avropa Şurasının 11 may 2011-ci il tarixli “Qadınlara qarşı və ailədə zorakılıq hallarının qarşısının alınması və mübarizəyə dair Konvensiyası”nın ratifikasiya edilməsi;

- insan alveri qurbanları, habelə zorakılığa, o cümlədən məişət zorakılığına məruz qalmış qadın və uşaqlar üçün reabilitasiya proqramlarının hazırlanması və tətbiq edilməsi, regionlar da əhatə olunmaqla yeni sığınacaqların və resurs mərkəzlərinin istifadəyə verilməsi;

- boşanmaların və məişət zorakılığının qarşısının alınması məqsədilə mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirmək üçün müvafiq dövlət qurumlarında ixtisaslaşmış psixoloji xidmətin təşkil edilməsi;

- Avropa Şurasının 2014-2017-ci illəri əhatə edən Gender Bərabərliyi Strategiyası çərçivəsində qadın hüquqlarının və gender bərabərliyinin təmini məqsədilə regionlar əhatə edilməklə maarifləndirmə tədbirlərinin keçirilməsi;

- “Avropa Şurasının 2012-2015-ci illər üzrə Uşaq Hüquqları Strategiyası”na müvafiq olaraq, uşaqlara qarşı bütün zorakılıq hallarının aradan qaldırılması məqsədilə Uşaq Hüquqları Konvensiyasına uyğun milli strategiyanın qəbul edilməsi;

- “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsinin qəbulunun sürətləndirilməsi;

- yerli icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi, qəyyumluq və himayə orqanlarının yeni əsasnaməsinin qəbul edilməsi;

- dövlət uşaq müəssisələrinin günərzi xidmət və reabilitasiya-inkişaf mərkəzlərinin yaradılmasına dəstəyin davam etdirilməsi məqsədilə ölkədə yeni və uğurlu təcrübə olan “Himayədar ailə” modelinə maliyyə vəsaitinin ayrılması və “Ailə tipli kiçik qrup evləri” modelinə ayrılan maliyyə vəsaitlərinin artırılması, həmçinin “Himayədar ailə haqqında Əsasnamə”nin təsdiq olunmasının sürətləndirilməsi;

- 2008-ci il 17 noyabr tarixində ölkəmiz tərəfindən imzalanmış «Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunması haqqında» Avropa Şurası Konvensiyasının ratifikasiyasının, habelə «Uşaqların cismani cəzadan müdafiəsi haqqında» qanun layihəsinin qəbul edilməsinin sürətləndirilməsi;

- qanunvericilik aktlarında “azyaşlı”, “uşaq”, “yeniyetmə” və “gənc” anlayışlarının yaş həddinə görə müəyyən edilməsi;

- özünə qulluq etmək iqtidarında olmayan kimsəsiz və ya atılmış ahıllara qulluq edən fiziki şəxslərə sosial müavinətin müəyyən edilməsi;

- ahılların cəmiyyətin həyatında iştirakının artırılmasına yönəlmiş proqramların həyata keçirilməsi;

- əlilliyi olan şəxslərin məşğulluq probleminin həlli məqsədi ilə onlar üçün bərabər imkanların yaradılması, qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsinə diqqətin artırılması, onların işlə təmin olunması üçün nəzərdə tutulan kvotaların yerinə yetirilməsində fəallıq göstərən işəgötürənlərin həvəsləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi;

- əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsil imkanlarının genişləndirilməsi məqsədilə təhsil qanunvericiliyinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, həmçinin “İnklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiqi prosesinin sürətləndirilməsi;

- ölkəmiz tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində 2013-cü ilin 27 iyun tarixində qəbul edilmiş “Korların, görmə qüsurlu və çap informasiyasını qavramaq imkanı məhdud olan şəxslərin nəşr edilmiş əsərlərə girişini asanlaşdırmaq haqqında” Mərakeş Müqaviləsinin ratifikasiya edilməsi;

- məcburi köçkünlərə hüquqi, psixoloji və digər yardımlar göstərilməsi istiqamətində müvafiq tədbirlərin genişləndirilməsi, onların məskunlaşdığı qəsəbələrdə məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə komplekslərinin və reabilitasiya mərkəzlərinin yaradılması;

- regional inzibati saxlama məntəqələrinin yaradılması;

- cəzasını çəkmiş və cəzaçəkmə müəssisəsindən buraxılmış, lakin daimi yaşayış yeri olmayan məhkumlar üçün sığınacağın və resurs mərkəzinin, habelə respublikanın bütün regionlarında “Penitensiar müəssisələrdən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.2.-ci maddəsi ilə nəzərdə tutulmuş sosial adaptasiya mərkəzlərinin yaradılması, həmçinin məşğulluq probleminin həlli üzrə mexanizmin hazırlanması;

- tutulmuş və ya həbs edilmiş şəxslərin barəsində olan məlumatların və görüntülərin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan kütləvi informasiya vasitələrində yayımlanmasının qarşısının alınması;

- qadın cəzaçəkmə müəssisəsinin, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinin, istintaq təcridxanasının, penitensiar komplekslərin və həbsxananın tikintisinin sürətləndirilməsi;

- “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsinin sürətləndirilməsi;

- hərbi qulluqçulara, hərbi təhsil müəssisələrinin ailəli kursantlarına, habelə yaşa, xəstəliyə, ştatların ixtisarına (azı 5 təqvim ili xidmət etmiş), ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (15 təqvim ili və daha çox xidmət etmiş) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin real qiymətlərə uyğun artırılması;

- məhkəmə qərarlarının icrası işinin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli Fərmanının tələblərindən irəli gələn vəzifələrin vaxtında və dəqiq icrasına, habelə icra məmurlarının məsuliyyətinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edən treninqlərin və digər maarifləndirici tədbirlərin həyata keçirilməsi;

- “Aliment Fondu”nun yaradılması (alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi mexanizminin hazırlanıb tətbiq edilməsi);

- məhkəmə qətnamələrinə əsasən borclu dövlət qurumları tərəfindən vətəndaşlara ödənilməli olan vəsaitlərin ödənişinin təmin edilməsi məqsədilə həmin qurumlara müvafiq maliyyə vəsaitinin ayrılması üzrə mexanizmin hazırlanması və tətbiq edilməsi;

- nəqliyyat vasitələrinin və insanların təhlükəsizliyini təmin edən texniki baxış proqramlarının hazırlanıb tətbiq edilməsi;

- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndinə müvafiq olaraq, Müvəkkil Aparatının strukturunun təkmilləşdirilməsi, habelə BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyəsinə uyğun olaraq, uşaq hüquqları üzrə sektorun yaradılması məqsədilə ştat vahidlərinin verilməsi, eyni zamanda BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının Müvəkkil tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, müvafiq Konstitusiya Qanununa əlavə və dəyişikliklərin edilməsi.

- Ombudsman təsisatında yaradılması nəzərdə tutulan “Elektron sənəd dövriyyəsi” şəbəkəsinin qurulması, habelə onunla bağlı olan mövcud “Elektron Məlumat Bazası”nın yeni tələblərə uyğun təkmilləşdirilməsi üçün maliyyə vəsaitinin ayrılması;

- Ombudsman təsisatında fəaliyyət göstərən “İnsan hüquqları kitabxanası”nın inkişaf etdirilməsinin və elektron kitabxananın yaradılmasının dəstəklənməsi.

İnsan hüquqlarının davamlı, sistemli və ardıcıl inkişafı, habelə demokratik dayaqlara əsaslanan əməli dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsi və möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti təsisatlarının bərqərar olması, ictimai nəzarətin getdikcə dərinləşməsi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə əhəmiyyətli təkan vermişdir. Odur ki, əldə edilmiş bu uğurun davamlılığı naminə dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı əməkdaşlıq əlaqələri durmadan inkişaf etdirilməlidir.

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi