13.02.2015 Tarixinə olan hesabat

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin
həyata keçirilməsi ilə bağlı illik məruzə
(2014-cü il üzrə)


 
Beynəlxalq aləmdə öz layiqli yerini tutan, dinamik inkişaf edən ölkəmiz 2014-cü ili də uğurla başa vurmuşdur. Dünyada davam edən qlobal iqtisadi-maliyyə böhranı şəraitində Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək bütün sahələrdə böyük uğurlar əldə etmişdir.
Dövlətimiz yeni-yeni nailiyyətlər qazanmış, iqtisadi inkişaf sürətinə görə bir çox ölkələri geridə qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş bu uğurlar demokratik islahatların davam etdirilməsinə daha yaxşı şərait yaratmışdır.
2014-cü il Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində ilk dəfə sədrliyi ilə əlamətdar olmuşdur. Həmin dövrdə dövlətimizin bu mötəbər təşkilatla və onun struktur qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilmiş, sədrlik çərçivəsində bir sıra mühüm tədbirlər təşkil olunmuşdur.
Belə ki, Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün hazırlanaraq qəbul olunmuş Fəaliyyət Planının qurumun Baş katibinin iştirakı ilə Bakıda nazirlik tərəfindən təşkil olunmuş təqdimatı keçirilmişdir. Bu mühüm sənəddə Azərbaycanda ayrı-ayrı sahələrlə yanaşı yerli demokratiyanın inkişafı ilə bağlı institusional dialoqun təşkili, hüquqi bazanın inkişafı, yerli səviyyədə seçilmiş nümayəndələrin liderlik bacarıqlarının artırılması, yerli hakimiyyət orqanlarının inzibati potensialının gücləndirilməsi və digər  tədbirlər də müəyyən olunmuşdur.
Nazirlər Komitəsinə sədrlik çərçivəsində ötən ilin iyun ayında Avropa Şurasının mühüm struktur qurumlarından olan, üzv dövlətlərdə yerli demokratiyanın inkişafına, regionlararası əməkdaşlığın gücləndirilməsinə, yaxşı təcrübələrin öyrənilməsi və tətbiqinə səmərəli töhfələr verən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin rəhbər orqanı olan Büronun iclası paytaxtımızda Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilmişdir.
Eyni zamanda, tədbirdə iştirak etmək üçün Konqresin rəhbər şəxslərinin, o cümlədən qurumun prezidenti və Büro üzvlərinin Azərbaycana səfəri nəzərə alınaraq Ədliyyə Nazirliyi tərəfindən Konqreslə birgə “Yerli demokratiya və gənclər” mövzusunda beynəlxalq konfrans təşkil olunmuş, yerli özünüidarəetmə sahəsində gənclərin rolunun artırılmasına dair müzakirələr keçirilmiş və milli təcrübələr barədə faydalı fikir mübadiləsi aparılmışdır. Həmçinin, Konqresin prezidenti Herviq Van Staa ölkə prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
Tədbirlərdə Milli Məclisin yüksək səviyyədə təmsil olunması, vitse-spiker Bahar xanım Muradova və Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə tərəfindən fəal iştirak və çıxış edilməsi, həmçinin Konqresin rəhbərliyi ilə ikitərəfli məhsuldar görüşlərin keçirilməsi xüsusi qeyd olunmalıdır.
2014-cü ilin oktyabrında Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti 27-ci Plenar sessiyası keçirilmişdir. Avropa Şurasına üzv dövlətlərin 300-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən sessiyada Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan hökuməti adından nümayəndə heyətinin rəhbəri ədliyyə naziri tərəfindən çıxış edilmiş, Avropa üçün aktual olan məsələlər və prioritetlərə toxunulmuş, habelə sədrlik dövründə dövlətimizin prioritetlərindən olan gəncliyin inkişafı, mədəniyyətlərarası dialoqun təşviqi, korrupsiyaya qarşı mübarizəyə dair və s. tədbirlər qeyd olunmuşdur. Eyni zamanda, yerli özünüidarəetmə orqanlarının inkişafına dair görülmüş mütərəqqi tədbirlər barədə geniş məlumat verilmiş, bu zaman Konqresin 2012-ci ildə Azərbaycanda keçirdiyi monitorinqin nəticəsi üzrə qəbul olunmuş müvafiq tövsiyələrin icrasına xüsusi diqqət yetirilmişdir.
Nümayəndə heyətinin rəhbəri məruzəsində respublikamızda yerli demokratiyanın təşviqi, bələdiyyə institutunun formalaşdırılması istiqamətində mühüm addımların atıldığını, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik və institusional islahatlar nəticəsində bələdiyyələrin fəaliyyətinin təkmilləşdiyini bildirmiş, açıq hökumətin təşviqi, insan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə üzrə milli fəaliyyət planlarında, xüsusilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bələdiyyələrin potensialının gücləndirilməsi, onların fəaliyyətində şəffaflığın təmin olunması və s. tədbirlərin prioritet təşkil etdiyini vurğulamışdır.
Çıxış zamanı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altında olan ərazilərimizdə yerli özünüidarəetmənin təşkilinin mümkünsüzlüyü, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmə hüququndan məhrum olması tədbir iştirakçılarının xüsusi diqqətinə çatdırılmışdır.
Plenar sessiyada nümayəndə heyətinin rəhbəri tərəfindən tədbir iştirakçılarının ümumavropa problemləri, xüsusilə insan hüquqlarının təminatı, ayrı-seçkiliyin qarşısının alınması, gəncliyin inkişafı, Konqresin fəaliyyət istiqamətlərinə aid olan beynəlxalq konvensiyalara qoşulması, eləcə də Avropa Şurasının fəaliyyəti, ölkəmizin bu qurumun Nazirlər Komitəsinə sədrliyi, habelə bələdiyyələrin fəaliyyəti ilə bağlı sualları ətraflı cavablandırılmışdır.
Konqresin gündəliyinə həmçinin Ukrayna, Gürcüstan və Moldovada separatçılığa qarşı tədbirlərə dair müzakirələrin aparılması daxil edilmişdir. Ölkəmizin 20 ildən çox erməni separatizmindən əziyyət çəkdiyi nəzərə alınaraq, Azərbaycan tərəfi bu problemin də müzakirəyə çıxarılması təşəbbüsünü irəli sürmüşdür. Ermənistan tərəfi hər vəchlə buna qarşı çıxmağa cəhdlər göstərsə də, ölkəmizin qəti mövqeyi nəticəsində, eyni zamanda Konqreslə səmərəli əməkdaşlıq münasibətlərimiz, həmçinin ədliyyə nazirinin Konqresin işində iştirakı nəzərə alınaraq bu məsələnin müzakirəsi iclasın gündəliyinə salınmışdır.
Mövzu üzrə çıxış etməyə dəvət olunan ədliyyə naziri ölkəmizin erməni separatizmi ilə üz-üzə qaldığını vurğulamış, BMT Təhlükəsizlik Şurasının torpaqlarımızın işğaldan azad olunması ilə bağlı 4 qətnaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırmış, separatizmin və silahlı münaqişələrin baş qaldırmasına, özbaşınalıq və cəzasızlıq hissi yaradan "ikili standartlardan" imtina etməyin vacibliyini bildirərək, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə Ermənistana qarşı sanksiyaların qəbul edilməsinə çağırmışdır.
İclasın sonunda məsələ ilə bağlı Bəyannamə qəbul olunmuşdur. Sənəd ətrafında aparılan müzakirələrdə Azərbaycan tərəfi, o cümlədən Avropa Şurasındakı nümayəndəliyimiz və Konqresdəki nümayəndə heyətimiz fəal iştirak etmiş və sənəddə ölkəmizin təklifləri əsasında Avropa Şurasına üzv dövlətlərdə mövcud olan münaqişələrin həll olunmasında ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinin mütləq olduğu vurğulanmışdır. Bundan əlavə, sənəddə heç bir dövlətin adı konkret göstərilmədiyindən, o qeyri-müəyyən səslənirdi. Ermənistan nümayəndə heyətinin kəskin etirazlarına baxmayaraq Azərbaycan tərəfinin təklifi əsasında Bəyannamədə birbaşa Azərbaycan, habelə Gürcüstan, Moldova və Ukrayna separatçılıqdan əziyyət çəkən ölkələr kimi göstərilmişdir.
Qeyd olunmalıdır ki, Konqresin bütün iclasları, o cümlədən Azərbaycan tərəfinin çıxışları, aparılan müzakirələr internetdə canlı yayımlanmışdır. Bununla da Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər bütün dünya ictimaiyyətinə bir daha çatdırılmışdır.
Ötən il Azərbaycanın səmərəli əməkdaşlıq etdiyi Türk Dünyası Bələdiyyələr Birliyinin təşəbbüsü və dəstəyi ilə İstanbulda “Türk dünyası” kitabı nəşr edilmişdir.  Kitabda türk dünyasının 2000 ildən artıq dövr ərzində mövcud olmuş 12 dahi şəxsiyyəti, o cümlədən ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müfəssəl məlumat verilmişdir. Azərbaycan xalqının ümummilli liderinin ən görkəmli tarixi şəxsiyyətlərlə birgə türk dünyasının öndəri hesab olunması hər bir azərbaycanlıda böyük qürur və fəxr hissi yaradır.
Ümumiyyətlə Türk Dünyası Bələdiyyələr Birliyi ilə sıx əməkdaşlıq 2014-cü ildə də davam etdirilmişdir. Hər il olduğu kimi İstanbul şəhərində bələdiyyə üzvləri və qulluqçuları üçün seminarlar keçirilmiş, təcrübə mübadiləsi aparılmışdır. Ötən illərdən fərqli olaraq Türkiyənin yerli özünüidarə sahəsindəki təcrübəsini öyrənmək məqsədilə Azərbaycandan gənc bələdiyyə nümayəndələri tədbirlərə cəlb edilmişlər. Eyni zamanda, 18-21 fevral 2014-cü il tarixdə Birliyin nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı nümayəndələr Ədliyyə Nazirliyində, Azərbaycan şəhər, qəsəbə, kənd bələdiyyələrinin milli assosiasiyalarında və bələdiyyələrdə müxtəlif görüşlər keçirmişlər. Birliyin yaradılmasının 10-cu ildönümü münasibətilə qurumun “Perspektiv” jurnalının xüsusi nömrəsində “Azərbaycan Prezidenti İlham Əliyev - uğurlu dövlət başçısı örnəyi” sərlövhəli məqalə dərc olunmuşdur.
2014-cü ilin ən mühüm hadisələrindən biri dekabr ayında respublikamızda ictimai-siyasi sabitlik şəraitində, yüksək səviyyədə növbəti bələdiyyə seçkilərinin keçirilməsi olmuşdur. Azad, demokratik, ədalətli, şəffaf keçirilən və seçicilərin fəallığı ilə baş tutan seçkilər nəticəsində 1.599 bələdiyyə üzrə 14.963 bələdiyyə üzvü seçilmişdir. Seçkilərdə 30 partiyanın nümayəndələri iştirak etmişdir. Olduqca əlamətdardır ki, seçilmiş bələdiyyə üzvləri sırasında qadınların və gənclərin sayı xeyli artmışdır. Belə ki, qadınların sayı 5.236 nəfər (34.9%), gənclərin sayı isə 5.450 nəfər (36.42 %) olmuşdur.
Bələdiyyə seçkiləri ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən hüquqi maarifləndirmə istiqamətində bir sıra tədbirlər görülmüşdür. Belə ki, Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki komissiyalarının sədrləri üçün müşavirələrdə Nazirliyin əməkdaşları tərəfindən mühazirələr oxunmuş, kütləvi informasiya vasitələrində çıxışlar edilmiş, seçkilərin təşkilində bələdiyyələrin üzərinə qoyulmuş təşkilati tədbirlərin düzgün və vaxtında yerinə yetirilməsi onların nəzərinə çatdırılmışdır. Həmçinin, Seçki Məcəlləsinin tətbiqi ilə bağlı müvafiq məhkəmələrə metodiki köməklik göstərilmiş, penitensiar müəssisələrdə seçkilərin qanunvericiliyin tələblərinə uyğun təşkili üzrə tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə Milli Məclis tərəfindən 30 may 2014-cü il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Qanunun icrası üzrə müvafiq təşkilati tədbirlər görülmüş, o cümlədən Nazirliyin İş Planına əsasən bələdiyyələrə metodoloji yardımın gücləndirilməsi, birləşən və yeni yaradılan bələdiyyələrdə mülkiyyət, maliyyə və digər məsələlərin həlli, müvafiq sənədlərin təhvil-təslimi ilə bağlı zəruri işlər həyata keçirilmişdir.
Ötən ilin iyun ayında bələdiyyələrin milli assosiasiyalarının təşkilatçılığı ilə bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısının keçirilməsi də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi və onların inkişafı prioritetlərinin müəyyən edilməsi baxımından önəmli olmuşdur. Tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Administrasiyanın məsul işçiləri, hökumət rəsmiləri, Milli Məclisin deputatları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Toplantıda ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ölkəmizdə azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin təsis edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, bu gün Prezident İlham Əliyevin bələdiyyələrin fəaliyyətinə daim diqqətlə yanaşdığını, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, müxtəlif Milli Fəaliyyət Planlarında yerli özünüidarəetmə orqanlarının inkişafına yönəlmiş mühüm tədbirlərin yer aldığını bildirmiş, bələdiyyələrin işinə ictimai nəzarətin həyata keçirilməsinin, onların fəaliyyətində şəffaflığın təmin edilməsinin və digər mühüm məsələlərin təsbit olunmasının əhəmiyyətini xüsusi vurğulamışdır.
Eyni zamanda, toplantıda əhalini narahat edən yerli problemlərin həllinə yönəldilən layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı, bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, fəaliyyətlərində hesabatlılıq və şəffaflığın artırılması, vətəndaş-bələdiyyə münasibətlərinin genişləndirilməsi, bələdiyyə qulluğuna peşəkar kadrların cəlb edilməsi və s. məsələlər müzakirə edilmişdir.
Həmçinin qeyd olunmuşdur ki, müasir İKT-lərin və elektron xidmətlərin tətbiqinin geniş vüsət aldığı bir dövrdə bələdiyyələrin internet saytının yaradılması zəruridir. Müəyyən edilmişdir ki, bələdiyyələrdən yalnız 3 %-nin internet saytı mövcuddur. Ölkədə bələdiyyələrin ümumi sayının 1600-dən çox olmasına görə onların hər biri üçün ayrıca internet saytının ağlabatan müddətdə hazırlanması mümkün deyil.
Bununla əlaqədar məhkəmələrin vahid portalının tətbiqi ilə bağlı Ədliyyə Nazirliyinin təcrübəsindən istifadə olunaraq bələdiyyələr üçün də belə bir portalın yaradılması təklif olunmuşdur. Bələdiyyələrin sayının məhkəmələrin sayından qat-qat çox olması nəzərə alınaraq portalın yaradılması üzrə iri həcmli işlər görülmüş və qısa müddətdə bütün bələdiyyələri əhatə edən və yerli özünüidarə orqanlarının fəaliyyəti barədə əsas məlumatları əks etdirən “Azərbaycan bələdiyyələrin elektron portalı”nın ilk versiyası yaradılmışdır.
Bələdiyyələrin milli assosiasiyalarının iştirakı ilə Nazirliyin Kollegiya iclasında portalın təqdimatı keçirilmişdir. Portalda vətəndaşlar yerli özünüidarəetmə orqanlarına onlayn rejimində müraciət etmək, bələdiyyələr, bələdiyyə assosiasiyaları, onların dislokasiyası və fəaliyyətinə dair məlumatlar, statistik göstəricilər, həyata keçirdikləri xidmətlər və s. barədə ətraflı informasiya almaq imkanı əldə edəcəklər. Eyni zamanda, hazırda yeni seçilmiş bütün bələdiyyə üzvləri haqqında məlumatların da portalda yerləşdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, hesabat ili yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi baxımından da uğurlu olmuşdur. Belə ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycana dair 326 (2012) saylı Tövsiyəsi nəzərə alınmaqla Nazirlik tərəfindən verilmiş təkliflər əsasında 20 iyun 2014-cü il tarixdə qəbul edilmiş bir sıra qanunlarla Vergi Məcəlləsinə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin statusu haqqında” qanunlara müvafiq dəyişikliklər edilmişdir.
Vergi Məcəlləsində və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən yerli büdcəyə ödənilən daşınmaz əmlak vergisinin, torpaq vergisinin dərəcələri yenidən müəyyən edilmiş, fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlak vergisinin hesablanması qaydası dəqiqləşdirilmişdir. Yerli vergi və ödənişlərin nağdsız ödəmə vasitələrindən istifadə edilməklə ödənilməsi bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasına yönəlmişdir.
“Büdcə sistemi haqqında” Qanuna edilmiş dəyişikliklərə görə bələdiyyələrin məqsədli maliyyələşdirilməsi ilə əlaqədar onlara ayrılan subvensiyanın dövlət büdcəsində ayrıca sətirlə göstərilməsi və ayrılmasının dəqiq icra mexanizmi müəyyən edilmişdir. Bu dəyişikliklər yerli əhəmiyyətli sosial-iqtisadi proqramların, layihələrin həyata keçirilməsində bələdiyyələrin maliyyə imkanlarını xeyli artıracaqdır. Bələdiyyələrə dotasiyaların ayrılmasının kriteriyaları da dəqiqləşdirilərək yenidən müəyyən edilmişdir. Yeni  dəyişiklik dotasiyaların hesablanması prosedurunun təkmilləşdirilməsi ilə yanaşı, onların bölgüsü zamanı şəffaflıq və ədalətlilik prinsiplərinin qorunmasını da təmin edir.
“Bələdiyyələrin statusu haqqında” Qanuna 28 oktyabr 2014-cü il tarixli qanunla edilmiş dəyişikliklər də bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması, bələdiyyələrin vaxtından əvvəl buraxılması, bələdiyyələrin seçicilər qarşısında hesabatlılığı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, konstitusion müddəaların icra mexanizminin müəyyən edilməsi baxımından olduqca önəmlidir.
Eyni zamanda, “İctimai iştirakçılıq haqqında” Qanunun 1 iyun 2014-cü il tarixdə qüvvəyə minməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinə, bu işdə vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakına, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə daha sıx işgüzar münasibətlərinin qurulmasına əlavə təkan verməklə ölkəmizdə demokratik islahatların dönməzliyini göstərir.
Hesabat ilində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, onun səmərəliliyinin artırılması, qanunçuluğun gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Bu işin əhəmiyyəti nəzərə alınaraq inzibati nəzarətin təşkili məsələləri Nazirliyin Kollegiya iclaslarında müzakirə edilmiş, bununla bağlı qəbul edilmiş qərarlarda regional ədliyyə şöbələri ilə əməkdaşlığın daha səmərəli təşkil olunması, inzibati nəzarətin gücləndirilməsi, bələdiyyələr tərəfindən torpaqların, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz ayrılmasının qarşısının alınması üçün lazımi preventiv tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir. Nazirliyin İş Planına uyğun olaraq bir sıra regional ədliyyə şöbələrində bələdiyyələrlə işin təşkili və müvafiq sahəni əhatə edən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi vəziyyəti öyrənilmiş, bələdiyyə aktlarına və müraciətlərə baxılması zamanı inzibati nəzarətin səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu zaman aşkar edilmiş qanun pozuntularının səbəb və şəraitinin öyrənilməsi, onların gələcəkdə qarşısının alınması məqsədilə müvafiq təhlil və ümumiləşdirmə aparılması, habelə qabaqlayıcı tədbirlərin geniş tətbiqinə diqqətin artırılması tapşırılmışdır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66.694 bələdiyyə aktı daxil olmuşdur (2013-cü illə müqayisədə 11.4 % cox olmuşdur). Daxil olmuş bələdiyyə aktlarının hər birinin ekspertizası aparılmış və nəticədə 62.908 akt qanunvericiliyə uyğun hesab edilmiş, 3.552 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təklif verilmişdir.
Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1.709 akt ləğv edilmiş, 544 akt dəyişdirilmiş, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilmiş, digərləri baxılmaqdadır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 11 iddia qaldırılmışdır. Onlardan 5-i təmin edilmiş, 6-sı isə baxılmaqdadır. Verilən təkliflərin  bələdiyyələr tərəfindən qanunamüvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalmışdır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 1.469 bələdiyyə aktı daxil olmuşdur. Onlardan 1 akt qanunazidd olduğu üçün Nazirliyin təklifi əsasında ləğv edilmişdir.
Bələdiyyələr tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilmiş qərarlar Nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə, 4.022,3 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Onlardan 1.502 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olmuşdur.
Bələdiyyə aktlarının ekspertizası zamanı kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrılması ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələri və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələri tərəfindən 23 bələdiyyə ilə bağlı verilmiş müvafiq sənədlərdə (plan və ölçü, reyestr sənədləri) fərqli kadastr məlumatları göstərildiyi üçün tədbir görülməsi məqsədilə həmin sənədlər səlahiyyətli dövlət orqanlarına (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə) göndərilmişdir.
Müraciətlər və protokollar əsasında aparılmış araşdırma zamanı bələdiyyə aktlarının vaxtında təqdim edilməsi, maliyyə vəsaitinin miqdarının aktlarda göstərilməsi, bələdiyyə torpaqlarının idarə olunması, bələdiyyə üzvlərinin statusu, qanunvericiliyin izahı və s. məsələləri əhatə edən 3.898 tövsiyə bələdiyyələrə göndərilmişdir.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə inzibati xəta haqqında 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilmişdir. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, 64 protokol üzrə müraciət isə baxılmaqdadır. Aparılmış preventiv tədbirlər nəticəsində ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilmiş bələdiyyə sədrlərinin sayı xeyli azalmışdır.
2014-cü ildə Nazirliyə, o cümlədən nazirliyin rəhbərliyinin səyyar qəbullarından bələdiyyələrin fəaliyyəti ilə bağlı 2.196 müraciət daxil olmuşdur. Həmin müraciətlərdən 299-u aidiyyəti üzrə baxılması üçün digər orqanlara göndərilmiş, 1.897-si mahiyyəti üzrə baxılmışdır. İl ərzində 122 müraciət təmin edilmişdir ki, bu da ötən ildəkindən 5,2 % çoxdur.
Hesabat ilində daxil olmuş müraciətlərə regional ədliyyə şöbələri ilə birgə baxılması zamanı aşkar edilmiş ciddi qanun pozuntuları ilə bağlı 43 bələdiyyə barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmiş və başlanılmış bir neçə cinayət işi üzrə istintaq artıq tamamlanmışdır. Cinayət işlərindən bəzilərini qeyd edirik:
- Zərdab rayonu Yuxarı Seyidlər bələdiyyəsində sənədlərin saxtalaşdırılması, gizlədilməsi və mənimsəmə faktına görə AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır;
- Abşeron rayonu Hökməli bələdiyyəsi tərəfindən torpaqların qanunsuz ayrılması və s. faktlara görə AR CM-nin 192.2.2, 213.2.2 və 311.3.3-cü maddələri ilə cinayət işi başlanmışdır;
- Qəbələ rayonu Soltannuxa bələdiyyəsinin sədri tərəfindən sənədlərin saxtalaşdırılması və mənimsəmə faktına görə AR CM-nin 179.2.3, 179.2.4, 309.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır.
- Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən bələdiyyənin ərazisində olan torpaqların qanunsuz satılması faktına görə AR CM-nin  178.2.1 və  320.1-ci  maddələri ilə cinayət işi başlanmışdır;
- Cəlilabad rayonu Muğan bələdiyyəsi tərəfindən torpaq sahələrinin müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan qanunsuz ayrılması faktına görə AR CM-nin 308.1-ci maddəsi ilə cinayət işinin istintaqı tamamlanaraq, məhkəmənin hökmü ilə bələdiyyənin sədri, bələdiyyə üzvü və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsinin müdiri məhkum edilmişlər;
- Ucar bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin zəbt olunması faktına görə AR CM-nin 188-ci maddəsi ilə cinayət işinin istintaqı tamamlanmış və təqsirli şəxs məhkum edilmişdir.
 Qeyd olunmalıdır ki, torpaq hərracları və müsabiqələrinin keçirilməsi, habelə aparılan geniş maarifçilik işləri, inzibati məsuliyyət tədbirləri bələdiyyələrin fəaliyyətində daha ciddi qanun pozuntularının yol verilməsi hallarının azalmasına səbəb olmuşdur.
Vəzifə səlahiyyətlərini aşma, vətəndaşlar tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin qanunsuz olaraq zəbt olunması, torpaq sahələrinə görə ödənişlərin bank vasitəsi ilə deyil, nağd şəkildə alınması, təkbaşına qərarların qəbul edilməsi və digər pozuntular üzrə istintaq orqanlarından 8 təqdimat daxil olmuşdur. Həmin təqdimatlarda göstərilən hüquq pozuntuları və onları doğuran səbəb və şəraitlə bağlı məsələlər  Nazirliyin əməkdaşlarının iştirakı ilə aidiyyəti bələdiyyələrdə müzakirə olunaraq tədbirlər görülmüşdür. Belə təqdimatların müzakirəsinin keçirilməsi qanun pozuntularının qarşısının alınması baxımından önəmlidir.
Yerli özünüidarəetmədə hüquq pozuntularına daha çox bələdiyyə torpaqlarının idarəçiliyi ilə bağlı yol verildiyinə görə, bu sahədə qanun pozuntuları təhlil edilmiş, ümumiləşdirmə aparılmışdır. Ümumiləşdirmə nəticəsində aşağıdakı xarakterik pozuntular aşkar olunmuşdur:
- torpaqların məqsədli təyinatı üzrə istifadə edilməməsi, kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq qeyri-kənd təsərrüfatı məqsədləri üçün satılması ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 3-cü və 6.3-cü maddəsi);
- torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi (Torpaq Məcəlləsinin 9-cu maddəsi);
- bələdiyyə qərarlarında və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrinin rəylərində torpaq sahəsinin kateqoriyasının və təyinatının göstərilməməsi (Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsi);
- bələdiyyənin ehtiyat fondu torpaqları ilə bağlı qərarın lazımi qaydada əsaslandırılmaması və həmin torpaqların satışı ilə bağlı zəruri məlumatların rəylərdə qeyd olunmaması (Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı hissəsi);
- qeyri-kənd təsərrüfatı məqsədləri üçün torpaqlar ayrılarkən yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətinin rəylərinin alınmaması və ya rəylərdə boşluqların olması ("Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndi);
- reyestr xidmətinin çıxarışlarında və torpaq şöbələri tərəfindən təqdim olunan torpaq sahəsinin planı və ölçüsündə bələdiyyə torpaqlarının kateqoriyasının fərqli göstərilməsi (“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 4-cü maddəsi);
- müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması ("Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 3-cü maddəsi).
Eyni zamanda, kənd təsərrüfatı təyinatlı torpaqların dövriyyədən əsassız çıxarılmasının qarşısının alınması, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun gücləndirilməsi məqsədilə 19 sentyabr 2014-cü ildə Ədliyyə Nazirliyində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilmişdir. Ümumiləşdirmədən irəli gələrək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon (şəhər) şöbələrinin rəylərinin vahid formada tərtib edilməsi, ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyası, keyfiyyət qrupu, təyinatı barədə məlumatların torpaq şöbələrinin rəylərində və digər kadastr sənədlərində əks olunması məsələləri müzakirə edilmiş, Komitə ilə birgə rəylərin nümunəsinin və metodik vəsaitin hazırlanması qərara alınmışdır. Razılaşmaya uyğun olaraq Ədliyyə Nazirliyi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən birgə metodik vəsait və rəylərin nümunəsi hazırlanaraq Komitənin yerli qurumlarına və bələdiyyələrə göndərilmişdir. Göstərilənlərlə yanaşı, yol verilmiş pozuntuların aradan qaldırılmasını və gələcəkdə qarşısını almaq məqsədilə bələdiyyələrə müvafiq tövsiyələr də verilmişdir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyasına uyğun olaraq yerli  vergi və ödənişlərin hesablanması qaydalarının təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə birgə məsləhətləşmələr aparıldıqdan sonra 2014-cü ildə Bakı şəhərinin Binəqədi, Abşeron rayonunun Saray, Şəmkir rayonunun Şəmkir bələdiyyələrində pilot layihənin həyata keçirilməsinə başlanmışdır. Layihə çərçivəsində bələdiyyələrin vergi xidməti orqanlarının əməkdaşları üçün yerli vergi və ödənişlərin elektron uçotunun aparılması qaydalarının izahı ilə bağlı seminarlar keçirilmişdir.
Bələdiyyələrə hüquqi və metodoloji yardım göstərilməsi yönündə zəruri tədbirlər həyata keçirilmiş, onların keyfiyyətcə daha da yaxşılaşdırılmasına, səmərəliliyinə xüsusi önəm verilmişdir. Bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi məqsədilə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin imkanlarından istifadə edilərək yerlərdə 21 tədris kursu keçirilmiş və bu tədris kurslarında 835 nəfər bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə bələdiyyə sədrləri üçün ixtisasartırma kursları keçirilmiş, kurslarda 60 nəfər bələdiyyə sədri iştirak etmişdir.
Bütövlükdə 23 kurs keçirilmiş və 895 dinləyici bu kurslara cəlb olunmuşdur (keçən il 862 nəfər olmuşdur).
Kurslarla yanaşı, il ərzində 82 seminar keçirilmiş və bu seminarlarda 5005 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.
Tədris kursları və seminarlar aşağıdakı mövzular üzrə keçirilmişdir:
- insan hüquqlarına dair qəbul edilmiş beynəlxalq sənədlərin və mövcud qanunvericiliyin tələblərindən irəli gələn bələdiyyələrin vəzifələri;
- yerli büdcənin tərtibi və icrası, sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğu, maliyyə hesabatlarının təsdiq olunması;
- yerli vergi və ödənişlərin yığılmasında şəffaflığın təmini;
- bələdiyyələrdə vahid mühasibat uçotunun təşkili;
- bələdiyyələrin fəaliyyətində xarakterik problemlər və həlli yolları;
- bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi və təyinatı üzrə istifadəsi.
 Bununla yanaşı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə bələdiyyə mühasibləri üçün regionlarda “Bələdiyyələrdə maliyyə hesabatlarının tətbiqi” mövzusunda təlimlər keçirilmişdir. Təlimlərdə mühasibatlıq və maliyyə işinin təşkili ilə bağlı iştirakçılar geniş məlumatlandırılmış, onların sualları cavablandırılmış, gündəlik işlərində qarşılaşdıqları problemlərin həlli ilə bağlı tövsiyə və təkliflər verilmiş, təlimdə iştirak edən mühasiblərə GİZ ilə “Cənubi Qafqazda yerli özünüidarəetmə” proqramı çərçivəsində hazırlanmış “Bələdiyyələrdə maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” kitabı təqdim olunmuşdur. Bu mövzu ilə bağlı keçirilmiş 20 təlimdə 160 bələdiyyə mühasibi iştirak etmişdir. Eyni zamanda, “Bələdiyyələr üçün strateji planlaşdırma” kitabı böyük tirajla nəşr edilmiş və “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” hazırlanır.
Həmçinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarə sahəsində bir sıra maarifçilik tədbirləri keçirilmişdir. Muxtar Respublika  bələdiyyələri üçün 8 seminar keçirilmiş, bu seminarlarda 600-dən çox bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir.
 Bütövlükdə ötən ildə 113 maarifçilik tədbiri keçirilmiş və bu tədbirlərə 6500-dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşlar.
Göstərilənlərlə yanaşı, bələdiyyələrlə iş sahəsində gender bərabərliyi də diqqət mərkəzində saxlanılmış, 31 oktyabr 2014-cü il tarixdə “Qadın iştirakçılığı proqramı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ədliyyə Nazirliyi və Azərbaycan şəhər, qəsəbə, kənd bələdiyyələrinin milli assosiasiyalarının dəstəyi ilə “Yerli özünüidarəetmədə qadın liderliyi” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə nazirliyin nümayəndəsi tərəfindən məsələyə dair əhatəli məruzə ilə çıxış edilmişdir.
Eyni zamanda, il ərzində 13 metodik vəsait hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Onlar aşağıdakılardır:
- “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərindən irəli gələn məsələlərlə bağlı;
- İcarə müqaviləsinin bağlanması, dəyişdirilməsi uzadılması və ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dair;
- Fərdi yaşayış evinin tikintisi üçün hərrac və ya müsabiqədən kənar qaydada torpaq sahələrinin mülkiyyətə ayrılması ilə bağlı;
- Yerli vergi və ödənişlərin yığılması, əmlak vergisinin hesablanması, subvensiyaların alınması və digər məsələlərlə bağlı qəbul edilmiş yeni qanunlara dair;
- Torpaqayırma sənədlərinin düzgün tərtibi barədə;
- Arxiv işinin təşkili barədə;
- Bələdiyyə torpaqlarının ayrılmasında yol verilən hüquq pozuntularının aradan qaldırılması barədə;
- “Bələdiyyələr üçün strateji planlaşdırma” kitabı;
- “Bələdiyyələrdə maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” kitabı;
- “Yerli özünüidarə orqanların normativ aktlarının bülleteni”nin 4 nömrəsi.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, onların maarifləndirilməsi yönündə tədbirlərin görülməsi ilə yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı işlərin davam etdirilməsi də zəruridir. Bununla bağlı hesab edirik ki, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində kənd təsərrüfatı təyinatlı torpaqların əsassız olaraq dövriyyədən çıxarılmasına yol vermiş vəzifəli şəxslər barəsində inzibati və cinayət məsuliyyətinin nəzərdə tutulması bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı, əkinə yararlı torpaqların qanunsuz olaraq dövriyyədən çıxarılmasının, onların təyinatının dəyişdirilməsinin qarşısının alınmasına xidmət edəcəkdir.


                   Azərbaycan Respublikası
                                                                  Ədliyyə Nazirliyi

 

 

 

 

 

 

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi