03.04.2015 Tarixinə olan hesabat

İnsan Alverinə Qarşı Mübarizə
 üzrə Milli Koordinator

 

Azərbaycan Respublikasında
insan alverinə qarşı mübarizəyə dair

MƏLUMAT

 

 

1. Giriş


Birləşmiş Millətlər Təşkilatının dünyada insan alverinin vəziyyətinə dair 2014-cü ilin noyabr ayına olan hesabatına görə transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək olar ki, bütün dövlətlərdə və regionlarda rast gəlinir. Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən çox daimi marşrut üzərindən 124 ölkəyə daşınmışdır. Hər il, bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlmişdir. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanların içində azyaşlı qızların xüsusi çəkisinin 21% təşkil etməsidir.
Beynəlxalq tədqiqatlardan görünür ki, insan alverinin durmadan genişlənməsi - transmilli mütəşəkkil cinayətkarlığın və qanunsuz miqrasiyanın qlobal xarakter alması, ucuz işçi qüvvəsinin külli miqdarda gəlir gətirməsi, gender bərabərliyinin pozulması, məişət zorakılığı və digər problemlərlə əlaqədardır. Həmçinin, bügünədək 31 dövlətin Birləşmiş Millətlər Təşkilatının «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı» Konvensiyasına və onu tamamlayan Palermo Protokoluna qoşulmaması 2 milyarddan çox şəxsin insan alverinin beynəlxalq müdafiə mexanizmləri ilə əhatə olunmasını istisna edir.
Bütün bunlara baxmayaraq, insan alverinin qarşısının alınması, qurbanların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bir an belə səngiməmişdir. Son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılmış, 15 minə yaxın şəxs məhkum edilmiş, 133 min qurbanın hüquqları bərpa olunmuşdur. İnsan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması, beynəlxalq ictimaiyyətin diqqətinin qurbanların üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı iyulun 30-nu ötən ildən etibarən «İnsan alveri ilə beynəlxalq mübarizə günü» elan etmişdir.
Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş,             insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqaməti elan etmiş Azərbaycanda 2014-cü il insan alverinə qarşı mübarizə tədbirləri kontekstində əhəmiyyətli  olmuşdur.
Ölkəmizin insan alverinə qarşı mübarizəni daim yüksək səviyyədə təşkil etməkdə israrlı mövqeyinin, bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalmasının əyani təsdiqi olaraq Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə sayca üçüncü Milli Fəaliyyət Planı qəbul edilmişdir.

2014-2018-ci illəri əhatə edən və 60 tədbirdən ibarət olan yeni Milli Fəaliyyət Planının icrasına 27 dövlət qurumu, o cümlədən analoji sənədlərdə əvvəllər nəzərdə tutulmayan  Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Dəniz Administrasiyası, «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti, Mətbuat Şurası və yerli icra hakimiyyəti orqanları cəlb olunmuşdur.
Milli qanunvericiliyin, beynəlxalq konvensiyaların tələblərinin, müvafiq nazirlik, komitə və xidmətlərin rəy və təkliflərinin, eləcə də qeyri-hökumət təşkilatlarının tövsiyələrinin əksini tapdığı həmin konseptual sənəd əsasında 2014-cü ilə planlaşdırılan bütün tədbirlər ardıcıllıqla yerinə yetirilmişdir.


2. İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri


Azərbaycanın insan alverinə qarşı mübarizədə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, o cümlədən «İnsan alverinə qarşı mübarizə haqqında» Avropa Şurası Konvensiyasından irəli gələn öhdəlikləri nəzərə alınaraq qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam  etdirilmişdir.
Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli Qanunu ilə «İnsan alverinə qarşı mübarizə haqqında» Qanuna insan alverinin qurbanı olmuş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə hüdudlarından kənara çıxarılması mexanizmlərini tənzimləyən norma əlavə edilmişdir.                         
Nazirlər Kabinetinin müvafiq qərarları ilə «İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram», «Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi» təsdiqlənmişdir.
Əcnəbi və vətəndaşlığı olmayan insan alveri qurbanlarının ölkədə qalma və yaşama prosedurlarının təkmilləşdirilməsi baxımından «İnsan alveri qurbanlarının repatriasiya Qaydaları»nda da dəyişikliklər edilmişdir.
Uşaqların insan alveri riskindən müdafiəsinin gücləndirilməsi, onların internet və mobil telefon vasitələrindən təhlükəsiz istifadəsinin təmin edilməsi məqsədilə Əmək və Ailə məcəllələrinə, «Sosial müavinətlər haqqında», «Uşaq hüquqları haqqında», «Telekommunikasiya haqqında», «Kütləvi informasiya vasitələri haqqında» qanunlara dəyişikliklər edilməsi barədə təkliflər paketi hazırlanıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Hazırda cinayət təqibi orqanı ilə əməkdaşlıq etmək barədə qərar qəbul etməsi üçün insan alveri qurbanlarına verilən 30 gün bərpa və fikirləşmə müddətinin prosessual qaydada tənzimlənməsi, hökumət tərəfindən təsdiq edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsi sahəsində normayaratma fəaliyyəti davam etdirilir.
İnsan alverinin qarşısının alınması sahəsində profilaktika və maarifləndirmə tədbirləri, təlim və treninqlər
Risk qrupuna aid sosial təbəqələrin insan alveri probleminin mahiyyəti və təhlükəli nəticələri, bu hüquqazidd əməldən müdafiənin inzibati və hüquqi prosedurları haqqında məlumatlılığın artırılması üzrə maarifləndirmə tədbirləri qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə məqsədyönlü surətdə davam etdirilmişdir.
Daxili İşlər və Təhsil nazirlikləri, eləcə də İnsan Alverinə qarşı Qeyri-hökumət təşkilatları Koalisiyası tərəfindən respublikanın 65 şəhər və rayonunda fəaliyyət göstərən ali və orta-ixtisas təhsil müəssisələrinin müəllim və tələbələri ilə görüşlər keçirilmişdir.
Hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, tibb, təhsil, uşaq və gənclər, sosial müdafiə qurumlarının və məşğulluq mərkəzlərinin işçiləri, sahibkarlar, kütləvi informasiya vasitələrinin nümayəndələrinin cəlb olunduğu bu tədbirlərdə mütəxəssislərin çıxışları dinlənilmiş, maarifləndirici filmlər və tamaşalar nümayiş etdirilmiş, təşviqat materilları paylanmışdır.
İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə «İnsan hüquqları» və «Uşaq hüquqları» aylıqları çərçivəsində ölkənin bütün regionlarında insan alveri, uşaq əməyi, məişət zorakılığı və sair mövzularda dəyirmi masalar, seminarlar, müsabiqələr və ictimai dinləmələr təşkil olunmuşdur.
Ötən ilin may ayında Azərbaycanda insan alverinə qarşı mübarizənin 10 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində «İnsan alverini dayandıraq» devizi altında gənclər və yeniyetmələr arasında kikboksinq üzrə idman yarışı, «İnsan alveri və məcburi əmək» mövzusunda rəsm və qısametrajlı film müsabiqələri, habelə Gənc Tamaşaçılar Teatrında premyera, Bakı, Gəncə və Şəmkir şəhərlərində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmişdir.
Ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması üçün sərhəd nəzarəti məntəqələrində, hava və dəniz limanlarında, beynəlxalq dəmiryolu vağzalında azərbaycan, rus və ingilis dillərində insan alveri riskləri, bu növ təhlükə ilə üzləşən şəxslərin müraciət edə biləcəkləri yerlərin və «qaynar xətt»in nömrələrinin əks olunduğu bukletlər paylanılmış, videomateriallar nümayiş etdirilmişdir. Analoji tədbirlər insan alverinə qarşı mübarizə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən paytaxtda insanların sıx toplaşdığı yerlərdə və əyləncə mərkəzlərində də təşkil olunmuşdur.
Böyük əhəmiyyət kəsb etməsi baxımından, görülən işlər və əldə edilən nəticələr respublikanın müxtəlif telekanallarında və mətbu orqanlarında işıqlandırılmış, elektron informasiya agentliklərinin və xüsusi polis qurumunun veb saytına yerləşdirilmişdir.
İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi sahəsində peşəkarlığın artırılması məqsədilə Beynəlxalq Miqrasiya Təşkilatının, Avropa İttifaqının, Türkiyə Respublikası polis orqanlarının, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Ombudsman təsisatının dəstəyi ilə xüsusi polis                  qurumunun əməkdaşları 40-a yaxın seminar, konfrans və təlimdə iştirak etmişlər.
Daxili İşlər Nazirliyinin və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2014-cü ilin yanvar-may aylarında Mingəçevir, Quba, Lənkəran, Tərtər şəhər və rayonlarında qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün xüsusi təlimlər, xarici dövlətlərin ölkəmizdəki səfirlik və konsulluqlarının işçiləri, əmək müfəttişləri, həmkarlar ittifaqlarının üzvləri üçün seminarlar  keçirilmişdir.
Təhsil və Daxili İşlər nazirliklərinin insan alveri ilə bağlı hazırladığı metodik vəsaitlər Polis Akademiyasında tədris prosesində geniş istifadə edilmişdir.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına xüsusi proqram əsasında insan alverinin və qeyri-leqal məşğulluğun qarşısının alınması məsələlərini tənzimləyən beynəlxalq hüquq normaları, milli qanunvericilik aktları və bu növ hüquqazidd əməllərin aşkarlanmasının taktiki əsasları tədris olunmuşdur. Gömrük orqanlarında xidmətə yeni qəbul edilmiş əməkdaşların hazırlıq kurslarında «İnsan alverinin profilaktikası və qarşısının alınmasında gömrük orqanlarının rolu» mövzusunda treninqlər təşkil edilmişdir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində «İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram» çərçivəsində təlimlər, habelə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm şirkətlərinin və otellərin işçilərinə məqsədli treninqlər keçirilmiş, broşürlar təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  şəhər və rayon icra hakimiyyətlərinin, mənzil-kommunal birliklərin və bələdiyyələrin işçiləri, polis sahə inspektorları üçün təlimlər, özəl sektorun nümayəndələrinin iştirakı ilə insan alveri və məcburi əməyə dair seminar və «Beynəlxalq miqrasiya hüququ» mövzusunda kurs təşkil olunmuşdur.  İnsan alveri qurbanları və potensial qurbanlarla iş sahəsində peşəkarlığın artırılması məqsədilə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən 95 psixoloq xüsusi təlimlərə cəlb edilmişdir.

İnsan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlıq


İnsan alverinə qarşı mübarizədə digər dövlətlər, xüsusən təyinat və mənbə ölkələrinin aidiyyəti orqanları və müvafiq beynəlxalq təşkilatlar ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri də davam etdirilmişdir.
2014-cü ildə Qətər Dövləti ilə təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair imzalanmış Saziş insan alverinin təqibi sahəsində dövlətlərarası əlaqələrin inkişafı baxımından əhəmiyyətli olmuşdur. Ölkəmizin xarici dövlətlərdəki diplomatik nümayəndəliklərinin səmərəli fəaliyyətinin nəticəsi olaraq Mərakeş və Birləşmiş Ərəb Əmirlikləri ilə insan alverinə qarşı mübarizənin müqavilə-hüquq bazasının möhkəmləndirilməsi məqsədilə görüşlər keçirilmiş və cari ildə həmin dövlətlərin hüquq mühafizə orqanlarının nümayəndələri ölkəmizdə səfərdə olmuşdur.
Hesabat dövründə BMT-nin, Beynəlxalq Miqrasiya və Beynəlxalq Əmək təşkilatlarının ekspertləri, ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Miqrasiya Siyasətinin Hazırlanması üzrə Beynəlxalq Mərkəzin əməkdaşları, Amerika Birləşmiş Ştatlarının hüquq mühafizə orqanlarının rəhbər işçiləri, həmçinin bu ölkənin və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə mütəmadi görüşlər keçirilmiş, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.     

İnsan alverinə qarşı mübarizə üzrə Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərin icrasına dair Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) hökumətə təqdim etdiyi hesabatda əksini tapan, o cümlədən cinayət təqibi, qurbanlara yardım, kompensasiya və reabilitasiya məsələlərini əhatə edən tövsiyələr də planlı surətdə yerinə yetirilir.
ATƏT-in Bakıdakı Layihə Əlaqələndiricisinin hazırladığı «Azərbaycanda insan alverinin qarşısının alınması mexanizmlərinin səmərəli həyata keçirilməsinin dəstəklənməsi» adlı layihə hökumət tərəfindən müsbət dəyərləndirilmiş və 2014-cü ilin ikinci yarısından  icrasına başlanılmışdır. Layihə çərçivəsində ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi cari ilin mart ayında ölkəmizdə səfərdə olmuşdur.
Xüsusi polis qurumunun, eləcə də digər dövlət orqanlarının əməkdaşları beynəlxalq təşkilatların həyata keçirdikləri layihələr  formatında Amerika Birləşmiş Ştatlarında, Fransa, Avstriya, Polşa, Litva, Macarıstan, Bosniya və Herseqovina, Rusiya, Belarus və Ukraynada təcrübə mübadiləsinə cəlb olunmuş, eyni zamanda müvafiq mövzuda təşkil olunan tədris kurslarında təlimçi qismində iştirak etmişlər. 
Ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu vasitəsilə insan alverinə qarşı mübarizədə müsbət fəaliyyəti olan Almaniya, Fransa, Avstriya, Niderland, Belçika, İspaniya, İtaliya, İsveç və s. dövlətlərin rəsmi hesabatları, nəşrləri, cinayət statistikası və digər məlumatları öyrənilərək qanunvericilik, cinayət təqibi, qurbanların müdafiəsi sahələri üzrə fəaliyyətdə nəzərə alınmışdır.

Məcburi əməyə, o cümlədən uşaq əməyinin istismarına qarşı tədbirlər


Məcburi əməyin qarşısının alınması, qurbanlarının və potensial qurbanlarının müəyyən edilməsi üzrə həyata keçirilən tədbirlər, o cümlədən  Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Dövlət Miqrasiya Xidməti tərəfindən birgə Tədbirlər Planı əsasında müvafiq istiqamətdə görülmüş işlər həmin hüquqazidd əməlin ölkəmizdə geniş yayılmasını istisna etmişdir.           
Paytaxtın və respublikanın ayrı-ayrı rayonlarında yerləşən tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 4 məcburi əmək cinayəti müəyyən edilmişdir.
Əmək miqrasiyasına nəzarət tədbirləri çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən 2014-cü ildə 164 inzibati xəta aşkarlanmış, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 2543 əcnəbi deportasiya edilmişdir.
Ərazi polis orqanları tərəfindən keçirilmiş reydlər zamanı küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni  qulluğa cəlb olunan 502 azyaşlı müəyyən edilmişdir. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməmişdir. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 220 valideyn barəsində tərtib olunmuş materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün aidiyyəti dövlət strukturlarına göndərilmişdir.
Təhsildən yayınan 529 azyaşlı məktəbə qaytarılmış, habelə şagird və tələbələr arasında cinayətkarlığın, intihar hallarının, onların məişət zorakılığına, qeyri-insani rəftara məruz qalmasının qabaqlanması məqsədilə Təhsil Nazirliyinə və onun yerli strukturlarına 462 təqdimat göndərilmişdir.
Uşaq əməyinə dair konvensiyalardan, eləcə də Beynəlxalq Əmək Təşkilatının sənədlərindən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar Ombudsman təsisatı, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 272 uşağın yaşayış şəraitinin monitorinqi aparılmış, ehtiyacı olan ailələrə ünvanlı sosial yardım və digər müavinətlər təyin edilmişdir.
Xüsusi qeyd edilməlidir ki, potensial qurbanların insan alveri riskindən müdafiəsində Heydər Əliyev Fondunun böyük əməyi və əhəmiyyətli töhfələri olmuşdur.
Fond tərəfindən 1 nömrəli uşaq evinin nəzdində yetkinlik yaşına çatmış və kimsəsiz qızlar üçün 25 mənzilli (50 nəfərin yaşaması üçün) bina tikilmiş, eləcə də valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaq evlərinin məzunları üçün Abşeron rayonunda 120 mənzilli bina inşa olunaraq istismara verilmişdir.
Daxili İşlər Nazirliyi tərəfindən insan alverinin qurbanlarına layiqli şəraitin yaradılması məqsədilə xüsusi polis qurumunun tabeliyində olan Sığınacaq əsaslı təmir edilərək yeni mebel və avadanlıqla təchiz edilmişdir. Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə dövlət uşaq müəssisələrində yaşayan 47 azyaşlı şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmuşdur.
BMT-nin və Avropa Şurasının insan hüquqlarının müdafiəsi institutlarının tövsiyələrinə uyğun olaraq, uşaqlara qarşı törədilən bütün növ cinayətlərin və digər hüquqpozmaların, o cümlədən uşaq alveri, onların istismarı,  küçə əməyi və dilənçilik hallarının təhlili və bu sahədə görülən işlərin qiymətləndirilməsi üçün müasir informasiya bazası yaradılmış, yeni statistik hesabat formaları hazırlanıb icraya yönəldilmişdir.

İnsan alveri ilə bağlı cinayət təqibi və qurbanlarla iş


Hesabat ilində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə  2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanmışdır. Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilmiş, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir.
Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa elan olunmuş 25 şəxsdən 12-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilmişdir. Müəyyən olunmuş 54 qurbandan (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılmış, 3 əcnəbi (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı) ölkə daxilində istismara məruz qalmışdır.
Qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilmiş, eləcə də təhlükəsizliyi təmin olunmuşdur. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilmiş, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilmiş, 24-ü işlə təmin edilmiş, 30-u peşə kurslarına göndərilmişdir.
Həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban ailəsinə qayıtmış, sosial xidmətlə əhatə olunması üçün 36 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 43 qurbana tibbi xidmət göstərilmişdir. Sığınacağa yerləşdirilmiş qurbanların himayəsində olan 16 azyaşlı məktəbdənkənar təhsil proqramına cəlb edilmiş, o cümlədən 5-i «Azərbaycan Uşaqlar Birliyi» İctimai Təşkilatının müvəqqəti sığınacağına yerləşdirilmişdir.
Müvafiq tədbirlərlə, həmçinin ictimai mənəviyyat əleyhinə olan 183 cinayət aşkarlanaraq  115 nəfər məsuliyyətə cəlb olunmuş, 571 qadın barəsində inzibati tədbirlər görülmüşdür.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciətə baxılaraq hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülmüşdür.
İnsan alveri cinayətləri törətməkdə təqsirləndirilən və ya şübhəli şəxslərin eyniləşdirilməsinə dair İnterpola üzv dövlətlərdən daxil olan 50-dən çox sorğu cavablandırılmış, eyni zamanda, kütləvi informasiya vasitələrində və internet səhifələrində xarici dövlətlərdə işləməklə bağlı təkliflər araşdırılmışdır.
İnsan alveri yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması hallarının müəyyən olunması məqsədilə müvafiq cinayətlərdə təqsirləndirilən hər bir şəxs barəsində Mərkəzi Bank yanında Maliyyə Monitorinqi xidməti tərəfindən zəruri araşdırmalar aparılmış, şübhəli maliyyə əməliyyatlarına dair məlumatlar Azrbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir. 


Yekun


Artıq 10 ildən çoxdur ki, Azərbaycan beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Milli maraqlar baxımından bu işə daim həssaslıqla yanaşılmış, qarşıda duran vəzifələr sistemli şəkildə yerinə yetirilmişdir.
Əldə edilən nəticələr bir sıra mötəbər beynəlxalq təşkilatların, o cümlədən «İnsan alverinə qarşı mübarizə haqqında» Avropa Şurası Konvensiyasının Tərəflər Komitəsinin Azərbaycan üzrə ötən ilki hesabatında müsbət dəyərləndirilərək normativ hüquqi bazanın, qurbanların müdafiəsi mexanizminin təkmilləşdirilməsi və maarifləndirmə sahəsində görülən işlər, Milli Koordinator yanında İşçi Qrupun və xüsusi polis qurumunun fəaliyyəti təqdirəlayiq hesab edilmişdir. Bu gün, müvafiq sahədə Azərbaycan təcrübəsi bir çox xarici dövlətlərin əlaqədar qurumlarının diqqət mərkəzindədir.
Bütün bunlarla bərabər, insan alverinə qarşı mübarizədə fəaliyyətin daha da yaxşılaşdırılması, o cümlədən həmin cinayətlərin profilaktikası, qurbanların müdafiəsi, təbliğat və maarifləndirmə işlərinin, bütövlükdə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin səmərəli icrası Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun davam etdirilir.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi