12.02.2016 Tarixinə olan hesabat

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin
həyata keçirilməsi ilə bağlı illik məruzə
(2015-ci il üzrə)

Dünyada artan iqtisadi böhran şəraitində Azərbaycan Respublikasında 2015-ci ildə də sosial-iqtisadi inkişaf davam etdirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müdrik siyasəti uğurla davam etdirilərək, regionda səmərəli əməkdaşlığa, sülhə və sabitliyə xidmət edən nəhəng layihələrin həyata keçirilməsinə nail olunmuşdur. Həmçinin, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərdə yüksək təmsilçiliyi, qitənin tarixində ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına uğurla ev sahibliyi etməsi dövlətimizin güclü siyasi iradəsini və böyük beynəlxalq nüfuzunu təcəssüm etdirmişdir.
Noyabrın 1-də azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkiləri isə xalqımızın həmrəyliyinin, ölkəmizin demokratik tərəqqisinin təzahürü olmuşdur.
Ölkəmizdə demokratik institutların inkişafının təmin edilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması, o cümlədən yerli demokratiyanın inkişafı daim diqqət mərkəzində olmuş və bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Yerli özünüidarə sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanunun icrasını təmin etmək üçün 202 bələdiyyənin birləşməsi nəticəsində yaradılmış 93 bələdiyyə üzrə müvafiq komissiyalar tərəfindən təhvil-təslim işləri başa çatdırılmış və bununla bağlı Nazirlər Kabinetinə hesabat verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında bələdiyyələrin cəmiyyətdəki əhəmiyyətli roluna toxunmuş, eyni zamanda onların fəaliyyətində qanun pozuntularına yol verilməsi, öz səlahiyyətlərini qanunvericiliyə uyğun icra etməməsi kimi iradlar bildirmiş və belə halların qarşısının alınmasına dair göstəriş vermişdir.
Ədliyyə Nazirliyi ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti gücləndirmiş, korrupsiya və başqa hüquqpozmalara qarşı mübarizənin səmərəliliyinin artırılması məsələləri nazirliyin kollegiya iclaslarında və əməliyyat müşavirələrində müntəzəm müzakirə edilmiş və onların icrası nəzarətdə saxlanılmışdır. İnzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının işinin yaxşılaşdırılması, regional ədliyyə şöbələrinə metodiki köməkliyin gücləndirilməsi, bu sahədə çalışan kadrların bilik səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilmiş, inzibati nəzarətin qanunvericiliyin tələblərinə ciddi riayət etməklə həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir.
Bələdiyyələr tərəfindən qanunsuz torpaq satışı və torpaq sahələrinin zəbt edilməsi hallarının qarşısının alınması, bələdiyyə nümayəndələri ilə maarifləndirmə işinin yaxşılaşdırılması, bələdiyyələr üçün metodiki vəsaitlərin hazırlanmasına dair bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Bələdiyyələr tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, onların keyfiyyətli araşdırılması, aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması məsələləri xüsusi nəzarətə götürülmüşdür.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanunun 6-cı maddəsinə uyğun olaraq bələdiyyələr tərəfindən qəbul edilmiş 58928 aktın inzibati nəzarət qaydasında hüquqi ekspertizası keçirilmişdir. Bələdiyyələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi, idarəetmə sahəsində struktur islahatlarının aparılması və bələdiyyələrin birləşməsi daxil olmuş bələdiyyə aktlarının sayının azalmasına (7766 akt) təsir etmişdir.
Cari ildə təqdim olunmuş aktlardan 56700-ü qanunvericiliyə uyğun hesab edilmiş, 2007 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə təkliflər verilmişdir.
Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1169 akt ləğv edilmiş, 531 akt dəyişdirilmiş, digərlərinə isə baxılmaqdadır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 19 iddia qaldırılmışdır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində il ərzində 2006 bələdiyyə aktının ekspertizası keçirilmişdir.
Aktların ekspertizası zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3560 tövsiyə göndərilmişdir. Tövsiyələr əsasən yerli büdcənin müzakirəsi, aktların vaxtında təqdim edilməsi, protokolların düzgün tərtibi, bələdiyyə torpaqlarının idarə olunması, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməsi, qanunvericiliyin düzgün tətbiqi və digər məsələlərlə bağlı olmuşdur. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması və qarşısının alınması məsələləri qoyulmuşdur.
Bu il bələdiyyələr tərəfindən qanunsuz olaraq 47,2 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1359 ha  torpaq sahəsinin icarəyə və istifadəyə verilməsi haqqında qərarlar Nazirliyin təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmiş, bununla da cəmi 1406 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Bunlardan, 1370 ha torpaq sahəsi kənd təssərüfatı təyinatlı torpaq sahələri olmuşdur.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə zidd olaraq bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməmişlər. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə inzibati xəta haqqında 388 protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olmuşdur. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, 57 protokol üzrə isə müraciətlər məhkəmələrdə baxılmaqdadır.
2015-ci il ərzində bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi zamanı qanunsuz aktların ləğvi və ya dəyişdirilməsi ilə bağlı verilmiş təkliflərin ümumiləşdirilməsi aparılarkən həmin aktlar üzrə aşağıdakı hüquq pozuntuları müəyyən edilmişdir:
-  bələdiyyə qərarlarında torpaq sahələrinin kateqoriyalarının düzgün göstərilməməsi;
-  torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi;
-  icarə müqavilələrinin birtərəfli qaydada qanunazidd ləğv edilməsi;
-  yerli büdcənin düzgün tərtib edilməməsi;
- yerli büdcədən ayrılmış vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarının bələdiyyə qərarlarında göstərilməməsi;
- vergi güzəştlərinin qanunvericiliyə uyğun tətbiq edilməməsi;
- "Bələdiyyələrin vergi xidməti orqanı haqqında" Əsasnamədə müəyyən edilmiş ərazi aidiyyəti prinsipinin pozulması.
2015-ci ildə Nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2093 müraciət daxil olmuşdur. Nazirliyin rəhbərliyinin yerlərdə təşkil olunan səyyar qəbulları, "Qaynar xətt"  vasitəsi ilə, o cümlədən regional ədliyyə şöbələrində nazirliyin rəhbər işçiləri tərəfindən vətəndaşların virtual video qəbulları zamanı qaldırdıqları məsələlərin qısa müddətdə müsbət həllinə nail olunması nəticəsində əvvəlki illə müqayisədə 103 müraciət az daxil olmuşdur.
Həmin müraciətlərdən 1845-i mahiyyəti üzrə baxılmış, 248-i aidiyyəti üzrə baxılması üçün digər orqanlara göndərilmişdir. Vətəndaşların müraciətlərindən 127-si təmin edilmişdir.
Müraciətlərə baxılarkən aşkar edilmiş qanun pozuntularının gələcəkdə qarşısının alınması məqsədi ilə ayrı-ayrı bələdiyyələrə 295 tövsiyə göndərilmişdir.
Beləliklə, bələdiyyələrin fəaliyyəti ilə bağlı ümumilikdə il ərzində 3855 tövsiyə verilmişdir.
İnzibati nəzarət icraatı qaydasında aktların və müraciətlərin araşdırılması zamanı aşkar edilmiş qanun pozuntuları əsasında toplanmış 65 material  hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
Göndərilmiş materiallar əsasən torpaqların qanunsuz ayrılması, korrupsiya hüquqpozmaları, fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan müxtəlif təyinatlı torpaqların zəbt edilməsi, bəzi hallarda həmin torpaqlar üzərində qanunsuz tikinti aparılması və maliyyə pozuntusu faktları ilə bağlı olmuşdur.
Prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər səbəblər və əsaslar müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanılmış, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılmış və bələdiyyə sədrləri məhkum olunmuşlar. Cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanılması rədd edilmiş, digərləri isə baxılmaqdadır.
Cinayət işi başlanılmış faktlardan bəziləri qeyd olunur:
- Balakən rayonu, Balakən bələdiyyəsində bələdiyyə büdcəsinə ödənilmiş maliyyə vəsaitinin maliyyə hesabatlarında göstərilməməsi, bələdiyyə mülkiyyətinə aid olmayan torpaq sahələrinin satılması, vətəndaşlardan torpaq satışına görə ödənilməli olan pul vəsaitlərinin bələdiyyə büdcəsinə mədaxil edilməməsi faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətn üzrə CM) dələduzluq və vəzifə səlahiyyətlərini aşma (178.3.2 və 309.1) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanaraq, məhkəmənin hökmü ilə bələdiyyə sədri məhkum edilmişdir;
- Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin sədri tərəfindən bələdiyyə əmlakını mənimsəmə yolu ilə talan edilməsi və bələdiyyənin rəsmi sənədlərinə bilə-bilə yalan məlumatlar daxil etməsi faktları üzrə CM-nin mənimsəmə və vəzifə saxtakarlığı (179.2.2 və 313) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanaraq, məhkəmənin hökmü ilə bələdiyyə sədri məhkum edilmişdir;
- Şəmkir rayonu Təzəkənd bələdiyyəsində külli miqdarda maliyyə vəsaitinin bələdiyyə iclasının qərarı olmadan xərclənməsi, maliyyə vəsaitinin sənədləşmə aparılmadan silinməsi, bundan başqa, bələdiyyə mülkiyyətində olan 2,59 ha torpaq sahəsinin 38 nəfər vətəndaşa iclas qərarı olmadan təkbaşına ayrılması nəticəsində bələdiyyə mülkiyyətindən qanunsuz çıxarılması, həmçinin, sonuncu torpaq hərracındakı satış qiymətindən aşağı satılmaqla bələdiyyə büdcəsinə mühüm ziyan  vurulması faktları üzrə CM-nin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə başlanmış cinayət işi tamamlanaraq məhkəməyə göndərilmişdir;
- Ağdaş rayonu keçmiş Binələr bələdiyyə sədrinin qanunsuz fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə mühüm ziyan vurulması, maliyyə vəsaitinin qanunsuz silinməsi, həmçinin hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq torpaq sahəsinin icarəyə verilməsi faktları üzrə CM-nin mənimsəmə və ya israf etmə (179.2.4) maddəsi ilə cinayət işi başlanmışdır;
- Zərdab rayonu Çallı bələdiyyəsinin keçmiş sədri tərəfindən qanunsuz olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə satılması, maliyyə-təsərrüfat və mühasibat uçotu sənədlərinin məhv edilməsi faktları üzrə CM-nin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə cinayət işi başlanmışdır;
- Sabunçu bələdiyyəsinin vergi müfəttişi tərəfindən vətəndaşlardan işə düzəltmə adı ilə pul alması faktına dair Nazirliyə daxil olmuş vətəndaş müraciəti ətraflı araşdırılmış, korrupsiya hüquqpozmaları müəyyən edilərək material Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin fakt üzrə CM-nin dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (178.2.3, 178.2.4 və 312-1.1) maddələri ilə cinayət işi başlanmışdır. 
Vətəndaşların müraciətləri əsasında aparılmış araşdırmaların təhlili nəticəsində bələdiyyələrin fəaliyyətində aşağıdakı hüquq pozuntuları müəyyən edilmişdir:
- bələdiyyə iclaslarında müzakirə edilmədən bələdiyyə sədrləri tərəfindən torpaqların və maliyyə vəsaitlərinin ayrılmasına dair təkbaşına qərar qəbul edilməsi;
- zəbt edilmiş bələdiyyə torpaqlarının boşaldılması ilə bağlı tədbir görülməməsi;
- kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun ayrılmaması;
- torpaqların sonuncu hərrac və ya müsabiqə zamanı müəyyən edilmiş həddən aşağı qiymətə satılması yolu ilə bələdiyyə büdcəsinə zərər vurulması;
- maliyyə vəsaitlərinin xərclənməsini əsaslandıran sənədlərin olmaması və ya ödənişlərin nağdsız qaydada aparılmaması, yerli büdcəyə mədaxil olunmadan qanunsuz xərclənməsi;
- bələdiyyə sədrinin xəzinədar vəzifəsini icra etməsi;
- bələdiyyənin maliyyə-təsərrüfat, mühasibat uçotu sənədlərinin yeni bələdiyyə sədrinə təhvil verilməməsi.
Həyata keçirilən tədbirlər nəticəsində qanunsuz satılan və icarəyə verilən torpaq sahələrinin sayı xeyli azalmış, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin qanunsuz zəbt olunması halları aşkar olunaraq, müvafiq hüquqi tədbirlər həyata keçirilmişdir. Ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin fəaliyyətində yol verilmiş hüquq pozuntularının qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi və cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə prokurorluq orqanlarından daxil olmuş 7 təqdimat Nazirliyin əməkdaşlarının iştirakı ilə bələdiyyələrdə geniş müzakirə edilmişdir.
Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, fəaliyyəti araşdırılan bələdiyyələrdə yerli vergi və ödənişlərin bələdiyyə  büdcəsinə ödənilməsinin təmin edilməməsi hallarına daha çox yol verilir. Bir çox bələdiyyələrdə vergi uçotunun lazımi qaydada təşkil edilməməsi onların büdcəsinin formalaşmasına mənfi təsir edir.
Eyni zamanda, bələdiyyə aktlarının elektron qaydada açıqlanmaması da aktual problemlərdən biridir. Bununla bağlı maarifləndirici tədbirlərin keçirilməsinə baxmayaraq, hazırda bələdiyyələrin çoxunda internet saytları yaradılması tam başa çatdırılmamışdır. Bu sahədə şəffaflığın təmin edilməməsi bələdiyyələrin fəaliyyəti barədə əhalinin məlumatsızlığı ilə nəticələnir ki, bu da öz növbəsində ictimai nəzarətin həyata keçirilməsinə mane olur və korrupsiya hallarına yol verilməsinə şərait yaradır.
Yerli özünüidarənin bir sıra aktual məsələləri üzrə forumlar, konfranslar, bir çox tədris kursları, seminar, təlimlər və s. tədbirlər təşkil olunmuş, kütləvi informasiya vasitələrində çıxışlar edilmişdir. Bələdiyyələrin maarifləndirilməsinə yönələn tədbirlər eyni zamanda digər aidiyyəti dövlət orqanları, qeyri hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə 20 aprel 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan bələdiyyələrinin milli assosiasiyalarının və Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) birgə təşkilatçılığı ilə "Türk dünyası" kitabının geniş təqdimat mərasimi keçirilib. Kitab TDBB-nin dəstəyi ilə nəşr olunub. Həmin kitabda türk dünyasının 2000 ildən artıq dövrü ərzində türk xalqlarının ortaq atası (mütəfəkkiri) sayılan 12 dahi şəxsiyyətin, o cümlədən ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müfəssəl məlumat verilmişdir. Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, görkəmli tarixçilər, ziyalılar, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən, Ulu Öndərin dərin tarixi köklərə malik türkdilli dövlətlər və xalqlar arasında sıx əlaqələrin qurulmasına və inkişafına hər zaman dəstək göstərməsindən danışmışlar. 
2014-cü ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvlərinin, həmçinin sədrlərinin tərkibinin yarıdan çox dəyişilməsi nəzərə alınaraq 2015-ci ildə onların maarifləndirilməsinə xüsusilə diqqət artırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Ədliyyə Akademiyası ilə birgə bələdiyyə üzvləri və qulluqçuları üçün təşkil olunan kursların davamlılığının təmin olunması, bölgələrdə keçirilən kurs və təlimlərin sayının artırılması üçün yeni tədris proqramı işlənib hazırlanmış, bələdiyyələr üçün aktual mövzular üzrə metodik vəsaitlər nəşr edilərək bələdiyyələrə çatdırılmış, o cümlədən birgə 24 tədris kursu keçirilmiş və bu kurslara 940 nəfər bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir.
İl ərzində isə 84 seminar keçirilmiş və bu seminarlarda iştirak edən bələdiyyə üzvü və qulluqçularının dairəsi genişləndirilərək onların sayı 5090-a çatmışdır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 17 seminar keçirilmiş, həmin tədbirlərə 931 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.
Bütövlükdə il ərzində 125 maarifləndirmə tədbiri keçirilmiş və bu tədbirlərə 7000-ə yaxın bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.
Tədris kursları və seminarların proqramlarında aktual mövzulara önəm verilmiş, bələdiyyələrin təklif və tələbatları nəzərə alınmışdır. Mövzular əsasən şəffaflığın artırılması, yerli büdcənin formalaşdırılması və ondan istifadə, əmək qanunvericiliyi, arxiv işinin təşkili, yerli vergi və ödənişlər və s. məsələlərlə bağlı olmuşdur. Keçirilmiş maarifləndirmə tədbirlərindən bəziləri qeyd olunur:
- 3 mart 2015-ci il tarixdə Ədliyyə Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) təşkilatçılığı ilə "Bələdiyyələrin işinin təşkili" mövzusunda Konfrans keçirilmişdir. Konfransın işində Milli Məclisin üzvləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, bələdiyyələrin milli assosasiyalarının, QHT-lərin, Türk Dünyası Bələdiyyələr  Birliyinin nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər. Tədbirdə 2009-2014-cü illərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, yeni seçilmiş bələdiyyələrin işinin təşkili ilə bağlı zəruri tövsiyələr verilmişdir. Konfransda iştirak edən bələdiyyə sədrləri üçün bələdiyyələrin elektron portalının təqdimatı keçirilmiş, portalın məqsədi izah olunmuş, bələdiyyələrə öz saytlarının yaradılması tövsiyə olunmuşdur;
- 16 mart 2015-ci il tarixdə Bakı şəhərində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə bələdiyyələrdə təmsil olunan qadınların fəaliyyətinin dəstəklənməsi məqsədilə "Yerli idarəetmədə qadın liderliyinin təşviqi üçün strategiyalar" adlı konfrans keçirilmişdir. Konfransda dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, deputatlar, bələdiyyə sədrləri və üzvləri iştirak etmişlər. Konfransın məqsədi yerli özünüidarəetmə orqanlarında qadınların rolunu müəyyənləşdirmək, onların diqqətini ərazidə aparılan quruculuq, abadlıq işləri ilə yanaşı, sosial məsələlərə, ailə, qadın və uşaqların problemlərinin həlli məsələlərinə yönəltmək olmuşdur;
- 23 aprel 2015-ci ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində Bakı şəhəri üzrə bələdiyyə sədrlərinin iştirakı ilə geniş seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar"ın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 saylı Qərarı  və müvafiq xəritələr kağız və elektron formatda bələdiyyə sədrlərinə təqdim olunmuşdur. Eyni zamanda, vergi uçotunun aparılması, əmlak vergisinin hesablanması, yığılması və digər məsələlər geniş müzakirə edilmişdir;
- 14 avqust 2015-ci ildə Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə "Torpaq mübahisələrinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətin koordinasiyası" mövzusunda forum keçirilmişdir. Forumda torpaqların təyinatına uyğun istifadəsi, torpaq bazarının təşkili, bələdiyyələrlə fəaliyyətin əlaqələndirilməsi məsələləri geniş müzakirə edilmişdir;
- 2 sentyabr  2015-ci ildə Bakı şəhərində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, Nəsimi rayon bələdiyyəsi, "Bələdiyyə həyatı" qəzeti və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda seminar keçirilmişdir. Tədbirdə əmlak vergisi ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə məlumat verilmiş, əmlak vergisinin yığımında olan mövcud problemlər və onların həlli yolları müzakirə edilmişdir;
- 24 noyabr 2015-ci ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Əmlak Məsələləri Dövlət Komitəsi birgə bələdiyyə sədrlərinin iştirakı ilə "Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar" mövzusunda forum keçirilmişdir. Forumda torpaq münasibətlərinin tənzimlənməsində həyata keçirilən yeniliklər barədə məlumat verilmiş, bələdiyyə torpaqlarının qeydiyyatı, torpaqların təyinatı üzrə istifadəsi, torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı münasibətlər müzakirə edilmişdir.
Maarifləndimə tədbirlərinin təşkilində və keçirilməsində nazirliyin regional ədliyyə şöbələrinin imkanlarından geniş istifadə olunmuşdur.
İl ərzində 3 metodik vəsait və qanunvericiliyə edilmiş yeni dəyişikliklərlə bağlı bələdiyyələrə müvafiq tövsiyələr hazırlanmışdır:
- Bələdiyyələrin statusu: hüquq və vəzifələri kitabı;
- Bələdiyyə büdcənin planlaşdırılması: şəffaflıq və hesabatlılıq kitabı;
- Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması üzrə bələdçi kitabı;
- Etik davranış qaydalarının tətbiqi ilə bağlı tövsiyə;
- Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi barədə tövsiyə;
- Meşə fondu torpaqlarının mühafizəsi ilə bağlı tövsiyə;
- Vergi güzəştlərinin tətbiqi ilə bağlı tövsiyə;
- Yerli büdcənin icrasının təşkili ilə bağlı tövsiyə.
Eyni zamanda, "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"nin 1-4 nömrələri nəşr olunmuşdur.
Maarifləndirmə tədbirlərinin planlaşdırılması, keçirilməsi işində bələdiyyələrin milli assosiasiyaları ilə fəal əməkdaşlıq edilmiş, onların rəy və təklifləri öyrənilmişdir.
Yerli özünüidarəetmə məsələlərinin həllində milli assosiasiyaların rolu daha da artmışdır. Onlar bələdiyyələrin üzləşdikləri problemlərin həllində fəal iştirak edir, bələdiyyələri ölkəmizdə və xaricdə layiqincə təmsil edirlər. Hər il olduğu kimi, 2015-ci ildə də milli assosiasiyaların təşkilatçılığı ilə "Yerli demokratiya həftəsi" keçirilmişdir. Bu  tədbirlər çərçivəsində yerli əhali ilə çoxsaylı görüşlər keçirilmiş, seçicilərin rəy və təklifləri öyrənilmişdir. 2015-ci ildə milli assosiasiyaların hesabat-seçki yığıncaqları da keçirilmişdir.
Yerli özünüidarə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilmiş, aidiyyəti dövlət və yerli özünüidarə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər təşkil edilmiş və ya belə tədbirlərdə iştirak edilmişdir:
- Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə 2015-ci ildə də müxtəlif mövzular üzrə ayrı-ayrı vaxtlarda Azərbaycan bələdiyyə nümayəndələri Türkiyə bələdiyyələrində təcrübə mübadiləsində olmuşlar;
- 10-14 mart 2015-ci il tarixdə Türkiyənin Akdəniz Bələdiyyələr Birliyinin nümayəndə heyəti Azərbaycana səfər etmiş, Azərbaycan bələdiyyələrinin və aidiyyəti dövlət qurumlarının məsul şəxsləri ilə görüşlər keçirmişlər. Bu görüşlərdə Azərbaycanın bələdiyyə üzvləri və qulluqçularının Türkiyə təcrübəsini öyrənmələri ilə bağlı məsələlər müzakirə olunmuşdur;
- 11-15 mart 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən "Bələdiyyə idarəçiliyinin aktual problemləri" istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kurslarında Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun nümayəndəsi mühazirə ilə çıxış etmişdir. Kursun proqramında Ankara Universitetinin, Keçiörən Bələdiyyəsinin, Qazi Universitetinin, Yıldırım Beyazit Universitetinin mütəxəssisləri iştirak etmişlər;
- 1 aprel 2015-ci il tarixdə Brüsseldə "Yerli demokratiyanın elektron vasitələri: məlumatın toplanması, qərar qəbuletmə və məlumatın ötürülməsi" və 7 may 2015-ci il tarixdə Budapeştdə "Vətəndaşların iştirakçılığı kontekstində elektron vasitələrin istifadəsinin cari vəziyyəti" mövzusunda seminarlar keçirilmişdir. Bu seminarlarda Azərbaycanda yaradılmış bələdiyyələrin elektron portalı barədə geniş məlumat verilmişdir;
- 14-18 iyul 2015-ci il tarixdə bir qrup bələdiyyə sədri Litva Respublikası Bələdiyyələr İttifaqının və Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Litva Respublikasında olmuş, Litva Bələdiyyə İttifaqında, Mərkəzi Seçki Komissiyasında və Daxili İşlər Nazirliyində görüşlər keçirmiş, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişlər;
- 22-29 noyabr 2015-ci il tarixdə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin, Ədliyyə və Maliyyə nazirliklərinin, bələdiyyələrin milli assosiasiyalarının və bir sıra bələdiyyə nümayəndələrinin Almaniya Federativ Respublikasına "Bələdiyyə layihələrinin maliyyələşdirilməsi" mövzusu üzrə təcrübə səfəri təşkil edilmişdir. Səfər zamanı Azərbaycan nümayəndələri Almaniya bələdiyyələrinin işi ilə yaxından tanış olmuş, səmərəli görüşlər keçirmiş, təlimlərdə iştirak etmişlər;
- 23 dekabr 2015-ci il tarixdə Türkiyənin Konya şəhərində Türk Dünyası Bələdiyyələri Birliyinin idarə heyətinin toplantısında Nazirliyin nümayəndəsi iştirak etmişdir. Toplantıda Türkiyə və Azərbaycan bələdiyyələrinin əlaqələrinin daha da inkişaf etdirilməsi müzakirə edilmiş, yerli büdcənin qanunauyğun formalaşdırlması, vergi yığma və yaşıllaşdırma sahəsində Azərbaycan bələdiyyələrinin Türkiyənin iş təcrübəsini öyrənməsi üçün ardıcıl səfərlərin təşkil olunmasının davam etdirilməsi qərara alınmışdır.
Demokratik inkişafın təmin edilməsi, yerli özünüidarənin yaxşılaşdırılması istiqamətində Milli Məclisin qəbul etdikləri qanunlar da çox önəmlidir.
"Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Qanun qəbul olunmuş, bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsini təmin etmək məqsədi ilə "Bələdiyyə qulluğu haqqında" Qanuna dəyişikliklər edilmiş, bununla bağlı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə "Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası" təsdiq edilmişdir.
Bu normativ hüquqi aktlar yerli demokratiyanın inkişaf etdirilməsi, bələdiyyənin fəaliyyətində şəffaflığın təmin edilməsi, kadr işinin səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.
 Göstərilənlərlə yanaşı, torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə 30 sentyabr 2015-ci il tarixli qanunlarla müvafiq dəyişikliklər edilərək yeni normalar müəyyən edilmişdir.
Bununla əlaqədar bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunması və korrupsiya hallarının qarşısının alınması məqsədilə aşağıdakı təklifə baxılmasını məqsədəmüvafiq hesab edirik:
- "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq dövlət qurumlarında satınalmaların şəffaflığı təmin edilir. Bələdiyyələrdə isə satınalmalar qanunla tənzimlənmədiyi üçün müəyyən çətinliklər yaranır. Ona görə də, bələdiyyə satınalmalarına dair qanunun qəbul edilməsi bu sahədə şəffaflığın artırılmasına kömək edə bilər.
 

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi