15.04.2016 Tarixinə olan hesabat

 

AZƏRBAYCAN  RESPUBLİKASININ
İNSAN  HÜQUQLARI  ÜZRƏ  MÜVƏKKİLİ
(OMBUDSMAN)

 

 


Azərbaycanda
insan hüquqlarının və azadlıqlarının
təmin edilməsi və müdafiəsinin vəziyyəti
haqqında

 

 

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

 

2015-ci il üzrə illik məruzəsi

 

 

Ö n    s ö z

Məruzənin əsas məqsədi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2015-ci ildə ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmini vəziyyətinin öyrənilməsi və təhlili, müsbət nəticələrlə yanaşı, çatışmazlıqların və pozuntuların aşkar edilməsi, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti haqqında məlumatların verilməsindən ibarətdir.

Məruzə ərizələrin, şikayətlərin və təkliflərin, Müvəkkil, habelə onun tapşırığına əsasən, aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, sosial müdafiə müəssisələrinə, o cümlədən uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə və təhsil müəssisələrinə baxışların, həmçinin yerlərdə əhali ilə görüşlər və aparılmış araşdırmalar zamanı aşkar edilmiş müxtəlif halların, problem və çətinliklərin, eyni zamanda dövlət orqanlarının və vəzifəli şəxslərin rəsmi cavablarının, dövlət qurumlarına təqdim edilmiş təklif və tövsiyələrin, insan hüquqları üzrə milli və beynəlxalq seminar və konfransların materiallarının, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərin, kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlili əsasında hazırlanmışdır.

İllik məruzədə Müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapmışdır.

«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, illik məruzə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmək üçün hazırlanmışdır.

İllik məruzə, eyni zamanda geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə kütləvi informasiya vasitələrində də dərc olunacaqdır.

Ümidvaram ki, Müvəkkilin bu illik məruzəsi ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi vəziyyəti barədə Sizdə müəyyən təsəvvür yaradacaq və bununla bağlı təəssüratlarınızı bizimlə bölüşəcəksiniz.

Dəyərli fikirləriniz və tövsiyələriniz gələcəkdə Müvəkkilin ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi üzrə işinin təkmilləşdirilməsinə yardımçı olardı.

 


Elmira Süleymanova

 

 

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
 
 
 
 
G i r i ş

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində təsbit edilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Bütövlükdə iqtisadiyyatın, xüsusilə də sosial sferanın inkişafına istiqamətlənmiş siyasət insan hüquqlarının səmərəli təmin edilməsində böyük əhəmiyyət daşıyır.
Ölkəmizdə davamlı iqtisadi inkişaf proseslərinin həyata keçirilməsi, habelə sosial infrastruktur layihələrinin icrasının davam etdirilməsi məqsədilə ardıcıl işlər görülmüş, dövlət idarəçiliyi sistemində bürokratik əngəllərin, korrupsiya hallarının və rüşvətxorluğun qarşısının alınması, dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsi üzrə tədbirlər davam etdirilmişdir.
Dövlət tərəfindən ayrılan güzəştli kreditlər nəticəsində yeni istehsal və xidmət müəssisələri təşkil olunmuşdur.
Sosial infrastrukturun yaradılması, yenidən qurulması və bərpası davam etdirilmiş, sosial müdafiə obyektləri, yeni məktəb və uşaq bağçaları inşa olunmuş və ya əsaslı təmir edilmiş, tibb müəssisələri, olimpiya-idman kompleksləri tikilib istifadəyə verilmiş, yeni avtomobil yolları salınmış, istirahət-mehmanxana kompleksləri yaradılmışdır.
Bütün dünyada hökm sürən böhranlı vəziyyətdə dövlət büdcəsində bəzi istiqamətlər üzrə baş verən azalmalar başa düşüləndir. Lakin təqdirəlayiq haldır ki, xərclərin azaldılması qayğıya ehtiyacı olan əhali qruplarının dəstəklənməsinə ünvanlanmış sosial proqram və layihələrin davamlılığına mənfi təsir etməmişdir. Prezident İlham Əliyevin dediyi kimi: “...2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq...”
Qeyd edilənlərlə yanaşı, sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi, azad sahibkarlığın inkişafına real təminatlar verilməsi, habelə münbit biznes mühitinin yaradılması məqsədilə orta və kiçik sahibkarlıq subyektlərinə gömrük və vergi güzəştlərinin tətbiqi, bu sahədə şəffaflığın artırılması, inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi, bu tələbləri pozan şəxslərə qarşı tədbirlər görülməsi kimi məsələlər diqqətdə saxlanılmışdır. 
2015-ci ilin 1 noyabr tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər respublikamızın hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, idarəetmənin cəmiyyətimizin daha da demokratikləşməsi, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləmişdir. Seçkilər bütövlükdə demokratik, şəffaf, ədalətli şəraitdə keçirilmişdir.
Azərbaycan beynəlxalq səviyyədə sülh və sabitliyin qorunub saxlanılması naminə öz səylərini əsirgəməmişdir. Prezident İlham Əliyevin “Böyük iyirmilik” ölkələrinin Antalya sammitində dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirakı, habelə çıxışı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən mühüm amillərdən olmaqla yanaşı, dünya miqyasında ölkəmizə verilən önəmin daha bir göstəricisidir. 
Bakıda ölkə prezidentinin iştirakı ilə bir çox ölkələrin dövlət və hökumət nümayəndələrinin, nüfuzlu siyasi, ictimai və elm xadimlərinin də qatıldığı III Qlobal Açıq Cəmiyyətlər Forumunun, habelə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi, ölkəmizin də böyük uğurlar qazandığı Birinci Avropa Oyunlarının təşkil edilməsi, həmçinin şahmat üzrə Dünya Kubokunun keçirilməsi respublikamızın bütün dünyada böyük nüfuza sahib olduğunu sübut edir.
Qeyd edilən nailiyyətlərlə yanaşı, ölkəmizin həyatında ağır itkilər də olmuşdur. 2015-ci il dekabrın 4-də Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə güclü qasırğanın doğurduğu qəza nəticəsində baş vermiş və çoxsaylı insan tələfatı ilə nəticələnmiş faciə böyük kədər və ürək ağrısı ilə qarşılanmışdır.
Respublika prezidentinin sərəncamına əsasən bütün respublika ərazisində matəm elan edilməsi, Xəzər dənizində itkin düşənlərin axtarışı və xilas edilməsi üzrə geniş tədbirlərin görülməsi, həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə dövlət səviyyəsində maddi dəstək verilməsi bir çox problemlərinin həll edilməsi istiqamətində görülmüş işlər həmin ailələrin üzləşdiyi ağır dərdi müəyyən dərəcədə qarşılamışdır.
Əhalinin bütün təbəqələrindən ən müxtəlif məsələlərə və hüquq pozuntularına dair davamlı olaraq çoxsaylı müraciətlər alan, cəmiyyətin, onun ayrı-ayrı fərdlərinin, habelə əhali təbəqələrinin ümumi vəziyyətinin güzgüsü olan Azərbaycan Respublikasının ilk İnsan hüquqları üzrə müvəkkili dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalarla, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Ölkəmizin konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən Müvəkkil insan hüquqlarının məhkəmədənkənar müdafiəsi məqsədi ilə davamlı tədbirlər həyata keçirmişdir.
İnsan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən, mövcud hüquq-müdafiə vasitələrini tamamlayan, səlahiyyət dairəsi və funksiyaları Konstitusiya Qanunu ilə müəyyən edilən Müvəkkil öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında qurmuşdur. 
Müvəkkil insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçiliyə, bürokratik əngəllərə, məmur özbaşınalığına, vətəndaşların müraciətlərinə və problemlərinə laqeyd münasibətə qarşı kəsərli tədbirlər görmüşdür.
Müraciətlər üzrə əhatəli iş aparılmış, pozulmuş hüquqların bərpası istiqamətində tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin hüquqlarının pozulmasına dair şikayətlərə baxılmış, icraata qəbul edilmiş fərdi və kollektiv şikayətlər araşdırılmış, bir çoxu müsbət həll olunmuşdur.
Müvəkkil və onun tapşırığı ilə aparatın əməkdaşları respublikanın müxtəlif yerlərində əhali ilə müntəzəm görüşlər, habelə cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə, hərbi hissələrə, uşaq evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, habelə səhiyyə, təhsil, əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar keçirmiş, qəbullar təşkil edilmiş, zəruri izahat və məsləhət işi aparılmış, insan hüquqlarının müdafiəsi məqsədilə tədbirlər görülmüşdür.
İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapmış, pozulmuş hüquqlar bərpa olunmuşdur.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 130.010, 2015-ci ildə isə 15.320 müraciət daxil olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 16,5% çoxdur.
Müraciətlərin 72,6 %-i şikayətlərdən, 27,4 %-i isə ərizələrdən ibarət olmuşdur.
Bu müraciətlər sırasında mənzil problemləri, sosial təminat hüququ, əmək hüququ, məhkəmə qərarlarının icrası və müraciət etmək hüququ ilə bağlı məsələlər çoxluq təşkil etmişdir.
Aparatda və regional mərkəzlərdə ümumilikdə 2.966 şəxs qəbul edilmişdir.
Müvəkkil Konstitusiya Qanununun tələblərinə müvafiq olaraq, şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən onların 46,3 %-nin baxılmasından imtina etmişdir.
Şikayətlərin 53,7 %-i baxılmaq üçün icraata qəbul edilmiş, bunların da 64,5 %-i təmin olunmuşdur.
Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılmış, ərizəçilərdən daxil olmuş bütün müraciətlər cavablandırılmışdır.
Müraciət edən şəxslərə həm qəbulda, həm də məktub vasitəsilə hüquqi məsləhətlər, habelə insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, o cümlədən bu və ya digər məsələlərlə əlaqədar müvafiq orqanlara müraciət edilməsi üzrə izahatlar verilmişdir.
Müvəkkilin təşəbbüsü, təklifi və təşkilatçılığı ilə ötən dövrdə insan hüquqlarının müdafiəsi və təşviqi üzrə bir sıra önəmli tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə Bakı, Gəncə, Bərdə, Cəlilabad və Qubada ölkənin şəhər və rayonları əhatə olunmaqla silsilə regional ictimai dinləmələr, o cümlədən Mərkəzi Seçki Komissiyası ilə birgə seçki hüququnun səmərəli təmin edilməsi ilə bağlı geniş tədbirlər keçirilmişdir.  
«18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü» ərəfəsində ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək bütün ölkə boyu «İnsan hüquqları aylığı» keçirilmişdir. 
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyi və BMT-nin və UNESCO-nun 70 illiyi münasibətilə 2015-ci il 12-14 noyabr tarixlərində Bakı şəhərində Müvəkkil tərəfindən UNESCO-nun dəstəyi ilə «Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu» mövzusunda ənənəvi Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransı keçirilmişdir.
Hər il olduğu kimi, 21 avqust - 21 sentyabr tarixlərində sülh mədəniyyətinin təbliğinə mühüm yer verməklə «Sülh aylığı» keçirilmiş, dövlət qurumlarına, vətəndaş cəmiyyəti təsisatlarına və kütləvi informasiya vasitələrinə bununla bağlı müraciətlər ünvanlanmış, televiziya proqramlarında yayımlanmış, qəzetlərdə dərc edilmişdir.
20 oktyabr - 20 noyabr tarixlərində keçirilmiş «Uşaq hüquqları aylığı» da Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə təşkil edilmiş tədbirlər sırasında məktəbəqədər yaşlı uşaqların və orta məktəb şagirdlərinin hüquqi biliklərinin artırılmasında mühüm əhəmiyyət daşımış, dövlət qurumlarının diqqəti uşaq problemlərinin həllinə cəlb edilmişdir.
«10 dekabr – Beynəlxalq İnsan Hüquqları günü»nə, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun 70 illiyinə  həsr   olunmuş “Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivindən” mövzusunda  konfrans keçirilmiş, ənənəvi “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmləri, habelə “Hüquqlar - hamı üçün!” mövzusunda jurnalist yazıları müsabiqələrinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışdır. 
20 Yanvar faciəsinin ildönümü, Xocalı soyqırımı, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatlar verilmiş, beynəlxalq qurumlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına ünvanlanmışdır.
Qeyd edilənlərlə yanaşı, əsir və girovların problemlərini hər zaman diqqət mərkəzində saxlayan müvəkkil Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal olunmuş torpaqlarda - Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində erməni hərbçiləri tərəfindən girov götürülmüş mülki şəxslər olan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurerə müraciət etmiş, eyni zamanda BQXK-nın Cenevrə şəhərində yerləşən baş iqamətgahında təşkilatın vitse-prezidenti xanım Kristina Börli ilə görüşmüş, həmin şəxslərin beynəlxalq hüquqa zidd, əsassız mühakimə edilməsinin, həmçinin onlara işgəncə verilməsinin ölkəmizdə böyük narahatlıq doğurduğunu və beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılandığını diqqətə çatdırmışdır. 
Müvəkkil və təsisatın əməkdaşları müxtəlif beynəlxalq tədbirlərdə bir sıra aktual problemlərə dair məruzələrlə çıxışlar etmiş, insan hüquqlarının ayrı-ayrı sahələrinə dair geniş fikir və təcrübə mübadilələri aparmışlar.
Müvəkkil xarici ölkələrin və beynəlxalq qurumların rəsmi nümayəndələrini qəbul etmiş, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi məsələləri, bu sahədə milli və beynəlxalq təcrübə müzakirə edilmişdir.
İştirak etdiyi bütün milli və beynəlxalq tədbirlərdə, habelə xarici ölkələrin və beynəlxalq qurumların rəsmi şəxsləri ilə keçirdiyi görüşlərdə Müvəkkil ölkəmizdə insan hüquqlarının təmini vəziyyəti, habelə insan hüquqlarının və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyəti, təsisatla dövlət hakimiyyəti orqanları, o cümlədən parlament arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində işgüzar münasibətlərin formalaşması barədə ətraflı məlumat vermiş, təşkilatçı qurumların və iştirakçıların diqqətini insanların sülh şəraitində yaşamaq, inkişaf etmək kimi kollektiv hüquqlarının təmin olunmasının zəruriliyinə cəlb etmiş, mövcud hərbi münaqişələrin sülh yolu ilə həll olunması, belə ağır zamanda və sonrakı dövrdə milyonlarla ziyan çəkən insanın hüquqlarının gerçəkləşdirilməsi, pozulmasının qarşısının alınması ilə bağlı tədbirlərin öz gələcək planlarında nəzərə alınmasını tövsiyə etmiş, bunun həm də Avropada vahid hüquq və humanitar məkan baxımından mühüm əhəmiyyət kəsb etdiyini əsaslandırmışdır.
BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin ən yüksək “A” statusuna malik olan təsisat ölkədə fəaliyyət göstərən yeganə milli insan hüquqları təsisatı kimi mütəmadi şəkildə BMT-nin İnsan Hüquqları Şurasının sessiyalarında və Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin iclaslarında fəal iştirak etmiş, həmin sessiyalara Müvəkkilin yazılı və şifahi bəyanatları qəbul olunmuş, qeydiyyata alınmışdır.
BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 28-ci sessiyasında və BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin növbəti iclasında iştirak edən Müvəkkil müzakirələrdə bəyanatla çıxış etmiş, insan hüquqlarının səmərəli müdafiəsi istiqamətində ölkədə aparılan islahatlarla yanaşı, təsisat tərəfindən hökumətə ünvanlanmış tövsiyə və təkliflər barədə məlumat vermiş, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyini, ölkəmizin müstəqillik tarixində insan hüquqlarının daha səmərəli təmini sahəsində üç mühüm strateji sənədin qəbul olunduğunu diqqətə çatdırmışdır.
Beynəlxalq Koordinasiya Komitəsinin iclasında iştirak edən Müvəkkil məruzə ilə çıxış edərək, “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyasının” fəaliyyətin davamlılığını təmin etməklə yanaşı, mühüm vəzifələr müəyyən etdiyini, həmçinin səkkiz hədəfin icrası üzrə vəzifələr müəyyən etmiş Minilliyin İnkişaf Məqsədlərinin başa çatması və sonrakı mərhələdə bütün dünya ölkələri üzrə razılaşdırılmış fəaliyyət planının həyata keçirilməsində Azərbaycan yanaşmasının dünya dövlətləri üçün müsbət təcrübə kimi qəbul edildiyini bildirmişdir.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Müvəkkil Mədəniyyətlərarası və Dinlərarası Dialoq üzrə UNESCO kafedrasının akademik Forumunda çıxış edərək, bu forumun həmrəylik nümayiş etdirmək üçün bir amil oduğunu diqqətə çatdırmış, Azərbaycanın bir multikulturalizm modeli kimi,  üzv dövlətlər arasında mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etdiyini, ölkəmizdə mövcud olan müxtəlif dini təriqətlərə, məzhəblərə, konfessiyalara, həmçinin məscidlərə, kilsələrə, sinaqoqlara və kafedrallara dövlət tərəfindən eyni səviyyədə, heç bir ayrı-seçkiliyə yol verilmədən diqqət göstərildiyini, eyni zamanda 25 ildən çox davam edən erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, bir milyon soydaşımızın qaçqına və məcburi köçkünə çevrildiyini, işğal olunmuş ərazilərdə nadir memarlıq nümunələri ilə yanaşı, məscidlərin, ibadətgahların, tarixi, mədəni və dini abidələrin də dağıdıldığını bildirmiş, qanunun aliliyinin təmin edilməsinin, insan hüquqlarının müdafiəsi və təşviqinə hörmət mədəniyyətinin formalaşdırılmasının, sülh mədəniyyəti aşılanmasının zəruriliyini bildirmişdir.
Yeri gəlmişkən, Asiya Ombusmanlar Assosiasiyasının fəaliyyətində fəal iştirak edən Müvəkkil Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində həmin qurumun “Ombudsman fəaliyətinin problemləri” mövzusunda 14-cü Konfransında “İnsan hüquqlarının təşviqi və müdafiəsinə dair strateji yanaşma” mövzusunda çıxış etmiş, Direktorlar Şurasının iclasında iştirak etmiş və Asiya Ombusmanlar Assosiasiyanın vitse-prezidenti seçilmişdir. 
2015-ci il üzrə fəaliyyətin nəticəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi, vətəndaşların müraciətlərinə təxirəsalınmadan baxılması, həmçinin şikayətlərin çevik qaydada araşdırılması məqsədi ilə dövlət orqanları, bələdiyyələr, vətəndaş cəmiyyəti təsisatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlığın daha da genişləndirilməsinin, davamlı olaraq inkişaf etdirilməsinin və daim təkmilləşdirilməsinin zəruri olduğunu göstərmişdir.
Dövlət qurumlarına göndərilmiş, habelə Müvəkkilin illik məruzələrində irəli sürülmüş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, habelə əhalinin müvafiq qruplarının bir sıra sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş təklif və tövsiyələr nəzərə alınaraq həm qanunvericilik aktlarında öz əksini tapması, həm də inkişafa və sosial rifaha xidmət edən tədbirlər vasitəsilə həyata keçirilməsi ölkəmizdə insanların həyat səviyyəsinin və sosial-hüquqi vəziyyətinin daha da yaxşılaşmasına dəstək verəcəkdir.

 

 


I fəsil.

 

 

Müvəkkilin insan hüquqlarının və azadlıqlarının
müdafiəsi sahəsində fəaliyyəti

 

1.1. Mülki və siyasi hüquqların müdafiəsi

 

Azadlıq hüququ. Bu hüququn səmərəli təmini məqsədilə dövlət orqanlarında müraciətlərə baxılması və problemlərin vaxtında həlli məqsədilə bürokratik əngəllərin aradan qaldırılması istiqamətində işlər davam etdirilmiş, ümumvətəndaşlıq pasportunun və şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi daha da təkmilləşdirilmişdir.  
Bakıda və bölgələrdə “ASAN xidmət” mərkəzlərinin vətəndaşlara xidmətin müasir standartlar səviyyəsində göstərilməsi üzrə uğurlu fəaliyyəti böyük əhəmiyyət daşımışdır.
Vətəndaşların şəxsiyyət vəsiqələri və pasportlarla maneəsiz təmin edilməsi demək olar ki, öz həllini tapmış, yaşayış yeri üzrə qeydiyyatın aparılması və mövcud sahədə digər məsələlərin həllində olan qanun pozuntuları xeyli azalmışdır.
Müvəkkilin və əməkdaşlarının regionlarda keçirdikləri görüş və qəbullar, habelə maarifləndirmə tədbirləri çərçivəsində polis orqanlarının rəhbərliyi və şəxsi heyəti ilə görüşlər keçirilmiş, təsisatın hüquqi nəşrləri təqdim edilmiş, həmin vəsaitlərin öyrənilməsi, treninq və təlimlərdə istifadə olunması, təcrübədə tətbiqi tövsiyə olunmuş, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində əməkdaşlığa böyük önəm verilmişdir.
2015-ci ildə şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 89 müraciət daxil olmuşdur. Həmin müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində pozulmuş hüquqlar bərpa edilmişdir.
Belə ki, Müvəkkilin aidiyyəti üzrə müraciətlərindən sonra bir sıra vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi, yaşayış yeri üzrə qeydiyyatı məsələsi, o cümlədən müvafiq polis orqanlarının inzibati binalarına qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi kimi problemlər öz həllini tapmışdır.
Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi olmayan 16 yaşına çatmış bir sıra vətəndaşlar öz müraciətlərində həmin sənədlərin itirilməsi, yanması, korlanması, oğurlanması nəticəsində təqdim edilə bilinməməsi səbəbindən polis orqanları tərəfindən onlara şəxsiyyət vəsiqəsinin və ya qeydiyyat orqanları tərəfindən doğum haqqında şəhadətnamənin verilməsindən imtina edildiyini bildirmişlər.
Eyni vaxtda hər iki sənədi olmayan vətəndaşların bu sənədləri əldə etməsi qanunvericilik baxımından mümkünsüzdür. Belə ki, doğum haqqında şəhadətnamənin təkrarını almaq üçün şəxsiyyət vəsiqəsinin və ya yeni şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin təqdim edilməsi qanunla tələb edilir. Odur ki, Müvəkkil “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə yeni məzmunda üçüncü hissənin (“Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsi olmayan Azərbaycan Respublikasının vətəndaşına yeni şəxsiyyət vəsiqəsi verilərkən müvafiq icra hakimiyyəti orqanı doğum haqqında akt qeydləri kitabından təsdiq edilmiş çıxarışın (arayışın) verilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir.”), Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin birinci abzasına üçüncü cümlənin əlavə edilməsini (“Şəxsiyyət vəsiqəsi olmayan 16 yaşına çatmış şəxslərə təkrar şəhadətnamələr verilərkən müvafiq qeydiyyat orqanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və ya onun müvafiq orqanlarına həmin şəxslərin şəxsiyyətini təsdiq edən məlumatların verilməsi üçün müraciət edir və müəyyən edilmiş qaydada təsdiq olunmuş arayış alındıqdan sonra təkrar şəhadətnamələr verilir.”) təklif edir.
Müvəkkil ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının səmərəli müdafiəsi baxımından, onların ölkəmizdə 3 gün deyil, 7 və ya 10 gündən artıq müvəqqəti qaldıqları halda olduğu yer üzrə qeydiyyata alınmaları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsini təklif etmişdir. Bu baxımdan, Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli, 1253-IVQD saylı Qanununa əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin yeni redaksiyada verilməsi (“Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21-ci maddəsi ilə müəyyən edilmiş müddətdə və qaydada olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.”) olduqca əhəmiyyətlidir.

 

 

Müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının müdafiəsi diqqətdə saxlanılmışdır. Müvəkkil və əməkdaşları tərəfindən müxtəlif vaxtlarda yerli polis orqanlarının, habelə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin və İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama yerlərinə, Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə, həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Müvəqqəti Saxlama Yerinə və İstintaq Təcridxanasına, Penitensiar Xidmətin təcridxanalarına müntəzəm olaraq çoxsaylı baxışlar keçirilmişdir.
Qeyd edilən yerlərdə saxlanılan şəxslərlə təkbətək söhbət zamanı saxlanma şəraiti və onlarla rəftar, vəkillə təmin olunması, şübhəli şəxs qismində saxlanılarkən hüquqlarının izah edilməsi, prokuror nəzarətinin aparılması halları araşdırılmış, hüquqları izah edilmiş, həmçinin saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlərlə tanış olunmuşdur. Bununla yanaşı, həmin müəssisələrin rəhbərlərinə şəraitin təmin edilməsi və sənədləşmənin aparılması ilə bağlı zəruri tövsiyələr verilmiş, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin hüquq və vəzifələri müəssisə əməkdaşlarının, habelə şübhəli və təqsirləndirilən şəxs qismində saxlanılan şəxslərin diqqətinə çatdırılmışdır.
Müvəqqəti saxlama yerlərinin və istintaq təcridxanalarının standartlara uyğun əsaslı təmir olunması və ya yeni istifadəyə verilmiş binalara köçürülməsi, habelə müasir avadanlıqlarla təchiz olunması saxlanma şəraitinin daha da yaxşılaşmasına və saxlanılan şəxslərlə rəftarın təkmilləşdirilməsinə şərait yaratmışdır.
Polis orqanlarının, o cümlədən müvəqqəti saxlama yerlərinin əməkdaşları ilə görüşlər zamanı hüquqi maarifləndirmə işləri də aparılmış, insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi, vətəndaşlara qarşı qeyri-etik davranışın və kobudluğun yolverilməzliyi, fəaliyyətin təkmilləşdirilməsinin vacibliyi diqqətə çatdırılmış, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyələr verilmişdir.
Şikayətlərdə öz əksini tapmış, habelə «qaynar xətt» vasitəsilə çatdırılmış məlumatlar əsasında müvəqqəti saxlanılma yerlərinə və istintaq təcridxanalarına keçirilmiş çoxsaylı baxışlar zamanı insan hüquqlarının pozulması halları aşkar edildiyi təqdirdə irad və təkliflərlə baş prokurorluğa və müvafiq nazirliklərə müraciətlər edilmişdir. Xidməti araşdırmalar nəticəsində qanun pozuntusuna yol verildiyi təsdiqləndiyi halda, buna yol vermiş əməkdaşlar cəzalandırılmış, aşkar edilmiş çatışmazlıqlar isə aradan qaldırılmışdır.
“Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın layihəsinə dair təkliflər hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. 
Qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, müvəqqəti saxlanılma yerlərində yaranan sıxlığın nəzərə alınması, tibbi və sanitar qaydalara əməl olunması, müxtəlif xəstəlik daşıyıcısı olan şəxslərin ayrı saxlanması, saxlanma şəraitinin diqqətdə saxlanılması üçün daha güclü nəzarət və müntəzəm tədbirlərin görülməsi zəruridir.
Şərəf və ləyaqətin müdafiəsi hüququ. Bu hüququn pozulması ilə bağlı 573 müraciət daxil olmuşdur. Müraciətlərdə əsasən məmurlar tərəfindən vətəndaşa qarşı kobud rəftar, etik davranış qaydalarının pozulması kimi hallar öz əksini tapmışdır. Həmin müraciətlər üzrə aidiyyəti qurumlara yoxlama tapşırıqları verilmiş, bəzi şikayətlər üzrə yerində araşdırmalar aparılmış, müvafiq tədbirlər görülmüş, qanun pozuntusu müəyyən edildiyi hallarda günahkar şəxslər intizam qaydasında cəzalandırılmışlar.
Müvəkkilin fəaliyyətə başladığı ilk illərdən onun təşəbbüsü ilə işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin, kobud rəftarın qarşısının alınmasına xidmətin səmərəli təşkili məqsədilə aparatda 24 saat fəaliyyət göstərən «qaynar xətt», həmçinin hüququ pozulmuş uşaqların problemləri ilə bağlı Müvəkkilə dərhal müraciət etmək imkanı verən «916» nömrəli «qaynar xətt» təşkil edilmiş, daxil olan məlumatlar əsasında araşdırmalar aparılmış və tədbirlər görülmüşdür.
Şikayətlərdə yerli icra strukturlarına müraciət edən vətəndaşların məmur biganəliyi və laqeydliyi ilə yanaşı, təhqiramiz hərəkətlərlə və kobud münasibətlə üzləşdikləri hallar da öz əksini tapmış, lakin həmin şikayətlərdə əks etdirilmiş bu halların yoxlanılması məqsədilə səlahiyyətli qurumlara göndərilmiş tapşırıqlara verilmiş cavablarda, bir qayda olaraq, müvafiq hərəkətlərə yol verilmədiyi bildirilmişdir.
Vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi hüququnun dövlətin məcburetmə səlahiyyətlərinə malik qurumlarının əməkdaşları tərəfindən baş verən və ya baş verə biləcək pozulması hallarının qarşısının alınmasına, vətəndaşlarda hüququn aliliyinə və ədalətə olan inamın daha da artmasına, dövlət qurumlarına, o cümlədən hüquq-mühafizə orqanlarına etimadın yüksəlməsinə xidmət edən tədbirlərin davamlılığı təmin olunmaqdadır.

 

 

Müvəkkilin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm (MPM) qismində fəaliyyəti uğurla davam etdirilmişdir. Milli Preventiv Qrup (MPQ) tərəfindən 240 azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması yerinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, uşaq evlərinə və internatlarına, ahıllar və əlillər üçün internat evlərinə və pansionatlara, psixiatriya xəstəxanalarına mütəmadi olaraq plan üzrə və ya təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 329, belə ki, plan üzrə 250, plandankənar isə 79, o cümlədən Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 173, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, məntəqə tipli həbsxanaya, müalicə müəssisəsinə 104, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasına və Müvəqqəti Saxlanılma Yerinə 2, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 2, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 3, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionatlarına, ahıllar və əlillər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evlərinə 7, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilmişdir.
Başçəkmə zamanı xüsusilə rəftar, saxlanma şəraiti, sənədləşmə, tibbi xidmətin vəziyyəti, qidanın rasionu və keyfiyyəti, habelə məhkumlara tətbiq olunan islahetmə vasitələri, onların asudə vaxtının təşkili kimi məsələlər xüsusi diqqətdə saxlanılmış, saxlanılan şəxslərlə təklikdə və konfidensial görüşlərə üstünlük verilmişdir.
Müvəkkilin müraciəti əsasında Azərbaycan Respublikası daxili işlər nazirinin göstərişi ilə yerli polis orqanlarında həmin «qaynar xətt»in telefon nömrəsinin də göstərildiyi «İşgəncələr haqqında məlumatı Ombudsmana ötür!» başlıqlı müvafiq elanlar asılmışdır. Bununla belə, bəzi polis orqanlarında qeyri-hökumət təşkilatlarına məxsus telefon nömrələrinin Müvəkkilin “qaynar xətt”i kimi göstərilməsi də yolverilməzdir. Müvəkkilin təkrar müraciətindən sonra müvafiq “qaynar xətt” nömrəsinin ayrıca lövhədə əks etdirilməsi barədə ərazi polis orqanlarına göstəriş verilmişdir.
Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 440, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 1012, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə 500-dən çox saxlanılan şəxslə təklikdə, həmçinin bu müəssisələrin 450-dən çox əməkdaşı ilə fərdi söhbətlər aparılmışdır. Müəssisə rəhbərləri və aidiyyəti vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə başçəkmələr zamanı lazımi şərait yaradılmış, verilmiş tövsiyələrin icrası və pozuntuların aradan qaldırılması üzrə tədbirlər görülmüşdür.
Müvəkkil azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması yerlərində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi, sənədləşmənin təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi, aşkar edilmiş pozuntu hallarının qarşısının alınması üçün həmin müəssisələrin rəhbərlərinin təlimatlandırılması, habelə təsdiq olunmuş qrafik üzrə birgə monitorinq və treninqlərin keçirilməsi təklifi ilə müvafiq nazirliklərə müraciətlər etmişdir.
BMT-nin Məhbuslarla rəftara dair Əsas Prinsiplərinə, Məhbuslarla Minimal Standart Davranış Qaydalarına, Avropa Penitensiar Qaydalarına, Cəzaların İcrası Məcəlləsinə və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına uyğun olaraq, məhkumlara münasib saxlaılma şəraitinin yaxşılaşdırılması və standartlara uyğunlaşdırılması, eyni zamanda məhkumların sağlamlıq hüququnun təmin olunması, onların lazımi tibbi yardım almaq hüququnun Avropa Penitensiar Qaydalarına və Cəzaçəkmə müəssisələrində tibbi yardımın etik və təşkilatı aspektləri üzrə Avropa Şurası Nazirlər Komitəsinin üzv ölkələrə Tövsiyəsinə (№ R (98) 7) uyğun şəkildə təmin edilməsi məqsədəmüvafiqdir.
Müvəkkilin təklif və tövsiyələri saxlanılan şəxslərin şərəf və ləyaqətinin müdafiəsinə, pozuntuların aradan qaldırılmasına, şəraitin təkmilləşdirilməsinə, normativ hüquqi aktların müddəalarının beynəlxalq hüquqi sənədlərin, qaydaların və standartların tələblərinə uyğunlaşdırılmasına yönəlmişdir.
Cinayət Məcəlləsinin 126-cı maddəsinə (Qəsdən sağlamlığa ağır zərər vurma) yeni “Yetkinlik yaşına çatmayanlara qarşı törədildikdə;” məzmunda 126.2.6-cı və 127.2.5-ci, habelə “Eyni əməllər yetkinlik yaşına çatmayanlara qarşı törədildikdə;” məzmunda 128.2-ci maddələrinin əlavə edilməsinə də ehtiyac vardır.
Başçəkmələr göstərir ki, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələbləri azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması yerlərinin, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öyrənilir və bu davam etdirilməlidir.
«İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair» 2015-ci il üzrə altıncı hesabat hazırlanmışdır.
Mövcud sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, habelə MPQ üzvlərinin nəzəri və təcrübi biliklərinin artırılması məqsədilə həmin əməkdaşlar təcrübə mübadiləsi keçmək, habelə fəaliyyəti təkmilləşdirmək məqsədilə müxtəlif vaxtlarda işgəncələrlə mübarizə məsələlərinə həsr olunmuş tədbirlərdə iştirak etmişlər.
Müvəkkil MPM qismində BMT və onun müqavilə qurumları, Avropa Şurası, Avropa İttifaqı, ATƏT, BMT-nin İşgəncələrin qarşısını alınması üzrə Alt Komitəsi (SPT), İşgəncələrə qarşı Avropa Komitəsi (CPT), İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiya (APT) və digər təşkilatlarla əməkdaşlıq edir. 
Müvəkkilin UNİCEF-in Bakı ofisi ilə əməkdaşlığı çərçivəsində MPQ üzvlərinin və regional mərkəzlərin rəhbərlərinin iştirakı ilə “Uşaq hüquqları sahəsində monitorinq bacarıqlarının artırılması” mövzusunda beş günlük treninq təşkil edilmişdir.
İşgəncələr əleyhinə milli preventiv mexanizm sahəsində işin daha peşəkar şəkildə qurulması, fəaliyyətin qiymətləndirilməsi və mövcud sahədə işin təkmilləşdirilməsi məqsədilə Müvəkkil beynəlxalq qurumların nümayəndələri ilə görüşlər keçirmiş, insan hüquqlarının müdafiəsi məsələləri üzrə qarşılıqlı fikir mübadilələri aparmışdır.
BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyası çərçivəsində Azərbaycan hökumətinin dördüncü dövrü hesabatı və QHT-lərin hesabatları ilə yanaşı, BMT-nin «İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə» Konvensiyası üzrə milli preventiv mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin təqdim etdiyi əlavə hesabat da dinlənilmişdir.

 

 

Fikir və söz azadlığı. Demokratik cəmiyyətin formalaşmasında, ictimai proseslərin müsbət istiqamətdə və təkmil inkişafında azad fikrin və sözün, habelə fikir və söz sahiblərinin, mətbuat nümayəndələrinin rolu və məsuliyyəti böyükdür. 
Mətbuata dövlət dəstəyi davamlı xarakter almış, söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilmişdir.
Ölkə Prezidentinin mətbuat nümayəndələri ilə görüşləri, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının fəaliyyəti milli mətbuatın inkişafında əhəmiyyətli rol oynamışdır. Fond tərəfindən müsabiqələr təşkil edilmiş, qaliblərə maliyyə yardımı verilmişdir.
Müvəkkil jurnalistlərin peşə-hüquq mədəniyyətinin daim yüksəldilməsinin əhəmiyyətini vurğulayaraq, cəmiyyətdə ən müxtəlif məsələlərdə ayrı-seçkiliyə yol açan məqalə və yazılara yer verməməyi tövsiyə etmişdir.
Fikir və söz azadlığına malik hər bir şəxs, xüsusilə mətbut nümayəndələri qarşılaşdıqları problemləri cəmiyyətə qərəzsiz və düzgün, qanunla müəyyən edilmiş qaydada və hər kəsin hüquq və azadlıqlarına hörmət prinsipinə əməl etməklə çatdırmağı bacarmalıdır. Milli, dini, irqi dəyərlərlə bağlı fikirlərin, müxtəlif həssas məlumatların cəmiyyətə çatdırılması zamanı onun verə biləcəyi mənfi nəticələr diqqətə alınmalıdır.
Kütləvi informasiya vasitələrinin mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlığın inkişafında böyük rola malik olduğunu bildirən Müvəkkil jurnalistləri din və vicdan azadlığı mövzusunda yazarkən məsuliyyətli və həssas olmağa, multikulturalizmin və tolerantlığın inkişafına, dinlərarası körpülərin möhkəmlənməsinə səy göstərməyə çağırmış, bu mövzuda yazan jurnalistlər üçün seminarların keçirilməsini təklif etmişdir. Bu baxımdan, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi təqdirəlayiqdir.
Müvəkkil ölkəmizin müstəqilliyi, inkişaf yolu, milli vətənpərvərlik ruhunun yüksəlməsi ilə bağlı yazılara böyük ehtiyac duyulduğunu, bununla belə, müharibə şəraitində olan ölkəmizdə əsası olmayan, şaiyə və böhtan xarakterli məlumatların yayılmasının yolverilməz olduğunu bildirib. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2015-ci il 14 avqust tarixli, 279 nömrəli qərarı ilə “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi mövcud fəaliyyətin tənzimlənməsində əhəmiyyət daşıyır.
İnsan hüquqları mövzusunda yazan jurnalistlərin hüquqi maarifləndirilməsinə, bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təşəbbüslərinə Müvəkkil tərəfindən daim diqqətlə yanaşılmış, əməkdaşlıq əlaqələri davam etdirilmiş, təsisatın təşkil etdiyi tədbirlərdə mətbuat nümayəndələri daim təmsil olunmuşlar.
2015-ci ildə Avropa Şurası tərəfindən təşkil edilən “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində jurnalistlərin təhlükəsizliyi və ifadə azadlığı mövzularında təlimlər keçirilmiş, apatın əməkdaşları həmin təlimlərdə ekspert qismində iştirak etmişlər. 
Təsisatın fəaliyyəti ilə bağlı müntəzəm olaraq mətbuat orqanlarına, o cümlədən qəzet və jurnallara, teleradio kanallarına, informasiya agentliklərinə, elektron qəzetlərə və xəbər portallarına məlumatlar, o cümlədən ümumilikdə 3.578, 2015-ci ildə 280 press reliz hazırlanaraq göndərilmiş, müsahibə və bəyanatlar verilmiş, fəaliyyət dövrü ərzində 10.102, 2015-ci ildə 342 məqalə və informasiya dərc edilmişdir.
Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində Liderlik məktəbinin yetirmələrinə KİV barədə dolğun informasiya aşılamaq məqsədilə “İnformasiya cəmiyyətində kütləvi informasiya vasitələrinin rolu” mövzusunda tədbir keçirilmişdir.
Müvəkkil bir sıra beynəlxalq qurumların nümayəndələrini də qəbul etmiş, ölkədə fikir və söz azadlığının vəziyyəti, jurnalistlərin və mətbuat nümayəndələrinin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunmuşdur.
Jurnalistlərə qarşı kobud rəftar hallarının yolverilməz olduğunu qətiyyətlə bildirən, belə halları pisləyən Müvəkkil fikir, söz və mətbuat azadlığının təmin olunmasını, jurnalistlərin müdafiəsini daim diqqətdə saxlamışdır.
Peşə fəaliyyəti ilə bağlı olmayan cinayət törətməkdə şübhəli bilinmiş və ya təqsirləndirilən şəxs qismində cəlb edilmiş, yaxud da məhkum olunmuş mətbuat nümayəndələrinin vəziyyətini nəzarətdə saxlayan Müvəkkilin tapşırığı ilə MPQ üzvü olan aparatın əməkdaşları müntəzəm olaraq həmin şəxslərlə, o cümlədən Rauf Mirqədirov, Tofiq Yaqublu, Hilal Məmmədov, Xədicə İsmayılova, Pərviz Həşimli, Seymur Həzi və Araz Quliyev ilə görüşmüş, vəziyyətləri, saxlanılma şəraiti, qidalanmaları, səhhətləri, onlara qarşı rəftarla bağlı mütəmadi olaraq müvafiq cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının rəhbərləri ilə əlaqə saxlamış, öz tövsiyələrini vermişlər. 
Müvəkkil törətdikləri əmələ uyğun olaraq, habelə dünya təcrübəsində hüquq pozuntusuna yol vermiş kütləvi informasiya vasitələri nümayəndələrinin tənbehi ilə bağlı alternativ üsulların mövcudluğuna daim diqqəti yönəltmiş və bu üsulların praktikada tətbiqini, həmçinin əlaqədar dövlət qurumlarının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının əlaqəli şəkildə jurnalistlərin peşəkarlığının artırılmasına, habelə gənc jurnalist kadrların yetişdirilməsinə xidmət edən treninq və seminarlara cəlb edilməsi üzrə tədbirlərin davam etdirilməsini zəruri hesab edir.
Ümidlə demək olar ki, mətbuat nümayəndələri bundan sonra da milli mənafeləri üstün tutmaqla milli prioritetlərin işıqlandırılmasında, respublikada gedən dinamik proseslərin, xalqın taleyüklü məsələlərinin, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, ədalətin dəstəklənməsində daha fəal iştirak edəcək, söz və mətbuat azadlığının, fikir plüralizminin, peşə etikasının davamlı olaraq yüksəldilməsində, insanların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində xüsusi bilik, bacarıq və peşəkarlıqlıqlarını əsirgəməyəcəklər.

 

 

İnformasiya əldə etmək azadlığı. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir. 
İnformasiya cəmiyyətinin bərqərar olduğu bir vaxtda «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxsləri tərəfindən yerinə yetirilməsinə nəzarətin Müvəkkilə həvalə edilməsi, onun mandatının və səlahiyyətlərinin genişləndirilməsi Müvəkkilin Konstitusiya Qanunu ilə müəyyən edilmiş müstəqilliyinin daha səmərəli təmin edilməsinə xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində 2013-2014-cü illərdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə Müvəkkil Aparatının strukturunun təkmilləşdirilməsi, aidiyyəti əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi nəzərdə tutulmuşdur. 
Elektron hökumətin tələblərinə uyğun olaraq, informasiya texnologiyalarının inkişaf etdiyi bir vaxtda bu sahədə yeni nailiyyətlər istifadə olunmaqla və informasiya almaq hüququnun daha da sadələşdirilməsi məqsədilə Müvəkkilin rəsmi internet səhifəsinin təkmilləşdirilməsi üzrə işlər aparılmış, daha çevik və təkmilləşdirilmiş yeni sayt hazırlanmışdır.
İnformasiya sahiblərinin əsas vəzifəsi qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq, vətəndaşların sorğularına çevik cavab verməkdir. Konstitusiya Qanununun 1.3-cü maddəsinə əsasən, Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.
İnformasiya əldə etməklə bağlı daxil olmuş 58 müraciət üzrə təhlillər aparılmış, müvafiq səlahiyyətli qurumlara sorğular göndərilmiş, əsasən öz həllini tapmışdır.
İnsanların informasiya əldə etmək hüququnun təmin edilməsi üzrə təcrübənin öyrənilməsi və mübadiləsi məqsədilə tədbir və müzakirələrin keçirilməsi, bu sahədə təkliflərin formalaşdırılması və aidiyyəti üzrə təqdim edilməsi də əhəmiyyətli olmuşdur.
Uşaq və gənclərə İKT-dən düzgün istifadə vərdişlərinin aşılanması, valideynlərin məsuliyyətinin artırılması, televiziya kanallarında uşaq və gənclərə ünvanlanan verilişlərin, sosial reklamların yayımlanması, zərərli məlumat yayan verilişlərin və onların anonslarının xüsusi ayrılmış vaxtda göstərilməsi və buna nəzarətin gücləndirilməsi, milli-mənəvi dəyərlərimizi təbliğ edən internet portallarının yaradılması, uşaqların mobil telefon vasitəsilə internetdən istifadəsinin təhlükəsizliyinin təmin edilməsi, bu problemlərlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq sənədlərin ratifikasiya edilməsi ilə bağlı Müvəkkil tərəfindən müvafiq qurumlara tövsiyələr verilmişdir.
Fiziki sağlamlığın təhlükələrdən qorunmasının hüquqi təminatının mövcud olmasına baxmayaraq, insan mənəviyyatına və psixikasına olan təhlükələrlə bağlı müdafiə mexanizmlərinin, o cümlədən qadağa və cəzaların müəyyən edilməməsi və ya yetərincə olmaması, bunun isə hər bir kəsin, o cümlədən uşaqların mənəvi sağlamlığını təhlükə altında qoyduğu nəzərə alınaraq, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, bu istiqamətdə maarifləndirmə işinin aparılması zəruridir.
Qeyd olunmalıdır ki, hazırda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, eyni zamanda əhalinin həssas qruplarına da təsirsiz ötüşməmişdir. Etiraf edilməlidir ki, internetin müsbət cəhətləri ilə yanaşı, mənfi təzahürləri də vardır və bu da ilk növbədə, uşaqların tərbiyəsində özünü göstərir. Belə ki, uşaq və yeniyetmələr virtual məkanın imkanlarından istifadə edərkən öz dünya görüşünə və mənəviyyatına zidd olan informasiyalarla qarşılaşır və nəticədə mənəvi-psixoloji sarsıntılara məruz qalırlar.
Uşaqların mobil telefondan təhlükəsiz istifadə etmələri üçün qaydaların, həmçinin uşaqların informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydaları üzrə kitabçanın (bələdçinin) birgə hazırlanması təklifi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmişdir.
İnformasiya sahibi olan dövlət qurumlarının «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş vəzifələrin icrası üzrə arayışlarının göndərilməsi, təhlili, ümumiləşdirilməsi və Müvəkkilin internet səhifəsində yerləşdirilməsi, qeyd edilən qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, informasiya sahibləri olan dövlət qurumlarının müvafiq struktur bölmələrinin əməkdaşları tərəfindən həmin qanunun müddəalarının dərindən öyrənilməsi və tətbiqi, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin genişləndirilməsi, dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi, elektron məlumat toplusunun (reyestrin) yaradılması, mətbuat xidmətlərinin əməkdaşları, kütləvi informasiya vasitələri nümayəndələri və ümumilikdə əhali üçün paytaxt və regionlarda geniş hüquqi maarifləndirmə və təbliğat işinin aparılması, bölgələrdə əhalinin məlumatlandırılması üçün “Açıq qapı” tədbirləri təcrübəsinin genişləndirilməsi, əməkdaşlığın əlaqəli və canlı şəbəkə şəklində qurulması, mətbuat nümayəndələrinin peşəkarlığının yüksəldilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsinə diqqətin artırılması kimi təkliflər irəli sürülmüşdür.

 

 

Vicdan azadlığı. Dinlərarası dialoqun getdikcə gücləndiyi və dünyada tolerantlıq nümunəsinə çevrilmiş ölkəmizdə bütün dinlərə mənsub insanların - müsəlmanların, xristianların, o cümlədən pravoslav və katoliklərin, yəhudilərin sərbəst şəkildə öz inanclarına etiqad etməsinə münbit şərait yaradılmışdır. 
2000-dən artıq məscid, 550 ziyarətgah, onlarca kilsə, sinaqoq, ibadət evləri, respublikada yaşayan xalqların dini keçmişi ilə əlaqədar olan 500-dən artıq sitayiş yerinin mövcud olduğu Azərbaycanda bütün millət, xalq, etnik qrup və dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində dinc yanaşı yaşamaqda davam etməsi böyük örnək, habelə qarşılıqlı hörmət və həmrəylik nümunəsidir.
Dini qurum və icmaların qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınması və ya fəaliyyətinə məhdudiyyət qoyulması, habelə dövlət orqanları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qanunla müəyyən edilmiş qaydada dinə münasibətinin müəyyən edilməsi məsələlərinə və dini birliklərin qanuni fəaliyyətinə müdaxiləsi halları olmamış, dini etiqad azadlığının təmin edilməsi üçün şərait yaradılmışdır.
Vicdan, dini etiqad və əqidə azadlığının təmin edilməsini diqqətdə saxlayan Müvəkkilin ünvanına bununla bağlı 16 müraciət daxil olmuş, pozulmuş hüquqların bərpası məqsədilə araşdırmalar aparılmışdır. 
Müvəkkil ötən illərdə dini radikalizmin və dini ekstremizmin qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsini təklif etmişdir. Bu baxımdan, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, habelə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa və  Cinayət Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilməsi bu sahədə məsələlərin hüquqi tənzimlənməsində əhəmiyyətlidir.
Dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığı ölkəmizdə müvafiq sahə üzrə qanunvericilik aktları beynəlxalq hüququn norma və prinsiplərinə uyğunlaşdırılmış, həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquqda vicdan və din azadlığının təmin edilməsi sahəsində bir sıra məhdudiyyətlər də nəzərdə tutulmuşdur. Bu baxımdan, Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına əsasən, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi" adlı hərəkat yaratmış, Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar.
Nardaran hadisələri zamanı uşaqlardan dini məqsədlər üçün istifadə olunması, onların təhsildən yayınması halları baş vermişdir ki, bu da ciddi narahatlıq doğurur. 
İstər qanuna, istərsə də vicdan və əqidə azadlığı prinsiplərinə, ümumilikdə insan hüquqlarına tamamilə zidd olan belə fəaliyyəti Müvəkkil qətiyyətlə pisləyir, bundan sonra da belə hərəkətlərin qarşısının alınmasını vacib hesab edir.
Cəzaçəkmə müəssisələrinə keçirilmiş baxışlar zamanı vicdan azadlığı ilə bağlı məsələlər diqqətdə saxlanılmışdır. Bununla yanaşı, Müvəkkil məhkumların din vasitəsilə islah edilməsini, din xadimlərinin məhkumlarla dini-tərbiyəvi və mənəvi-əxlaqi işin aparılması üçün cəzaçəkmə müəssisələrinə dəvət olunmasını təklif etmişdir. 
Müvəkkil dini konfessiya, təşkilat və icmaların nümayəndələri ilə görüşləri zamanı onlara dini etiqad azadlığı sahəsində milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin tələblərini izah etmiş, respublikada fəaliyyət göstərən dini icmaların qanunauyğun fəaliyyət göstərməsinin zəruriliyini bildirmişdir.
Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının ölkəmizdə səfərdə olan nümayəndələri, din azadlığı üzrə müşavir Mark Hansen, həmin Assosiasiyanın rəhbər Komitəsinin sədri Vasiliy Kalin və bu dini təriqətin yerli icmasının təmsilçiləri təsisatda qəbul edilmiş, ölkəmizdə dini tolerantlıq və vicdan azadlığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.   
İstər milli, istərsə də beynəlxalq tədbirlərdə Müvəkkil və aparatın əməkdaşları tərəfindən müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri, o cümlədən böyük örnək və tolerantlıq nümunəsi kimi ölkəmizdə müxtəlif dinlərdən olan insanların dostluq və qardaşlıq şəraitində yaşamaqda davam etməsi haqqında fikir mübadilələri aparılmışdır. 
 “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq!” devizi altında təşkil olunmuş, dünyanı sülhə, əmin-amanlığa və əməkdaşlığa səsləyən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Mədəniyyətlərarası və Dinlərarası Dialoq üzrə UNESCO kafedrasının akademik forumunda çıxış edən Müvəkkil Azərbaycanın bir multikulturalizm modeli kimi üzv dövlətlər arasında mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etdiyini, ölkəmizdə mövcud olan müxtəlif dini təriqətlərə, məzhəblərə, konfessiyalara, habelə məscid, kilsə və sinaqoqlara dövlət tərəfindən eyni səviyyədə, heç bir ayrı-seçkiliyə yol verilmədən diqqət göstərildiyini bildirmiş, 25 ildən çox davam edən erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, bir milyon soydaşımızın qaçqına və məcburi köçkünə çevrildiyini, işğal olunmuş ərazilərdə nadir memarlıq nümunələri ilə yanaşı, məscidlərin, ibadəgahların, tarixi, mədəni və dini abidələrin dağıdıldığını diqqətə çatdırmışdır.
Müvəkkil irqi, milli, dini və digər mənsubiyyətinə görə ayrı-seçkilik, ksenofobiya, etnik təmizləmə və digər bu kimi hallarla mübarizənin milli insan hüquqları institutlarının və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların prioritet vəzifələri sırasına daxil edilməsini, insan hüquqlarının kobud pozuntuları ilə müşayiət olunan cinayətlərə yol vermiş dövlətlərin beynəlxalq səviyyədə cəzalandırılması istiqamətində səylərin birləşdirilməsini tövsiyə etmişdir. 
Ölkədə əsas dini icmaların iştirakı ilə din vasitəsilə sülh mədəniyyəti şəbəkəsinin yaradılması, mədəniyyətlərarası dialoqa, dinlərarası əməkdaşlığa dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti təsisatları nümayəndələrinin, icmaların cəlb edilməsi, dini tolerantlığı təbliğ etməklə sülhə, sabitliyə, qarşılıqlı anlaşmaya, davamlı inkişafa, dəstəyə, əməkdaşlığa etibarlı zəmin yaradılması, uşaq və gənclərə dini tolerantlığın aşılanması, təhsil ocaqlarında dünyəvi dinlərin tədris olunması təklif edilmişdir.
Multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi də artıq respublikamızda multikulturalizmin alternativi olmayan həyat tərzinə çevrilməsinin real ifadəsidir.

 

 

Seçki hüququ. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirildiyi 2015-ci ildə Müvəkkil Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıqda regionlarda silsilə maarifləndirmə tədbirləri keçirmişdir. Həmin tədbirlərdə MSK-nın məsul işçiləri, müvafiq yerli icra hakimiyyətlərinin, məhkəmə, prokurorluq və polis orqanlarının, bələdiyyələrin, dairə və məntəqə seçki komissiyalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, vətəndaş cəmiyyəti təsisatları və icmaların nümayəndələri iştirak etmişlər.
Tədbirlərdə dairə və məntəqə seçki komissiyaları üçün təlim və seminarların təşkili, seçki məntəqələrinin müasir avadanlıqla, informasiya-kommunikasiya vasitələri ilə təmin olunması, seçki hüququ sahəsində maarifləndirmə işinin təşkil olunması, müşahidəçilər və polis əməkdaşları üçün yaddaş kitabçalarının və digər çap məhsullarının hazırlanması və yayılması, veb-kameraların quraşdırılması müsbət qiymətləndirilmişdir. Hər bir vətəndaşın seçki hüququ ilə yanaşı, vəzifələrinin də olduğunu, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları nümayəndələrinin və polis əməkdaşlarının seçki prosesinə müdaxiləsinin, vətəndaşlara qarşı qeyri-etik davranışın yolverilməzliyi qeyd edilmiş, təsisatın və MSK-nın qaynar xətləri barədə məlumat verilmişdir.
İctimai dinləmələr çərçivəsində keçirilmiş seçkiqabağı monitorinqlər nəticəsində hər bir rayon və şəhərdə sərbəst toplaşmaq üçün təşkil edilmiş açıq və qapalı yerlərə baxışlar keçirilmiş, monitorinqlər nəticəsində sərbəst toplaşmaq azadlığı hüququnun həyata keçirilməsi üçün hər kəsə əlçatan olan bərabər imkanların yaradıldığı müəyyən edilmişdir.
1 noyabr 2015-ci ildə Müvəkkil və təsisatın, o cümlədən Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşları müstəqil müşahidəçi qismində ümumilikdə Bakı şəhəri və ölkənin 52 rayonunda 101 seçki dairəsi üzrə 452 seçki məntəqəsində, o cümlədən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə, Müdafiə Nazirliyinin bir sıra hərbi hissələrində, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində səsvermə prosesini izləmişlər.
Müvəkkil müstəqil müşahidəçi qismində paytaxtın hər bir rayonunda bir çox seçki dairələri üzrə seçki məntəqələrində, həmçinin 6 saylı cəzaçəkmə müəssisəsində, qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində, Penitensiar Xidmətin Tərbiyə müəssisəsində saxlanılan 18 yaşına çatmış üç gəncin ilk dəfə səsverməsini, hərbi hissədə təşkil edilmiş, habelə məcburi köçkünlər üçün yaradılmış məntəqələrdə səsvermə prosesini müşahidə etmişdir. Respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində səsvermə prosesində iştirak edən əməkdaşlarından hər saat məlumatları qəbul edərək vəziyyətə nəzarət etmişdir.
Müşahidələr zamanı Müvəkkil həm seçki komissiyalarının üzvləri, seçicilər, həm də müşahidəçilərlə görüşmüş və seçki prosesi ilə bağlı onların rəylərini öyrənmişdir. Yeri gəlmişkən, Müvəkkil beynəlxalq qurumları və xarici ölkələri, o cümlədən Polşa, Yunanıstan, Rusiya Federasiyası, Pakistan və digər ölkələri təmsil edən müşahidəçilərlə görüşmüş, onların təəssüratları ilə tanış olmuşdur. Görüşdüyü şəxslər seçkilərin əhalinin çox yüksək fəallığı ilə, nizam-intizamla, müvafiq qaydalar və standartlara uyğun olaraq keçirildiyini vurğulamış, heç bir irad söyləməmişlər.
Səsvermə günü Müvəkkil müşahidələrin nəticələrini ümumiləşdirmiş, MSK-nın Seçkilər İnformasiya Mərkəzində KİV-lərə geniş müsahibələr vermiş və ictimaiyyətin diqqətinə çatdırmışdır. Müşahidələrin nəticəsi olaraq qeyd edilməlidir ki, xalqımızın və demokratik hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər demokratik, şəffaf, ədalətli şəraitdə keçirilmiş, hər hansı bir dövlət qurumunun rəsmiləri, icra hakimiyyəti nümayəndələri və polis tərəfindən seçkilərə müdaxilə halları müşahidə edilməmiş, seçicilər sərbəst seçim edərək istədiyi namizədə səs vermiş, seçkilər yüksək fəallıqla və mütəşəkkilliklə başa çatmışdır.  
Seçkiləri müşahidə edən xarici müşahidəçilər seçkilərdə böyük inkişaf, irəliləyiş müşahidə edildiyini, Azərbaycanda seçki komissiyalarının işinin ən yüksək standartlara uyğun olduğunu, seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunu, seçicilərin fəal olduğunu, gərginliyin olmadığı, seçki günü azad, ədalətli və şəffaf seçki prosesini müşahidə etdiklərini, Azərbaycan hökumətinin çox sayda beynəlxalq və yerli müşahidəçilərin seçkiləri izləməsinə imkan yaratmasının təqdirəlayiq olduğunu bildirmişlər.
Müxtəlif siyasi partiyaları və vətəndaş cəmiyyəti təsisatlarını təmsil edən, eyni zamanda müstəqil və bitərəf, o cümlədən çoxsaylı qadın müşahidəçilər nizamla, bir-birinə qarşılıqlı hörmət ruhunda seçki prosesində iştirak edərək, öz vəzifələrini yerinə yetirmişlər. 
Yeri gəlmişkən, V çağırış Milli Məclisin qərarına əsasən, onun tərkibində 4 yeni komitənin, o cümlədən Səhiyyə, Ailə, qadın və uşaq, İctimai birliklər və dini qurumlar, Gənclər və idman komitələrinin yaradılması insan hüquqlarının etibarlı müdafiəsi, habelə dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatlarının qarşılıqlı səmərəli əməkdaşlığı üçün böyük imkanlar yaradır.

 

 

Müraciət etmək hüququ. Bu hüququn daha səmərəli təmin edilməsi məqsədilə Müvəkkil ötən dövrdə «Vətəndaşların müraciətlərinə baxılması haqqında» Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsini təklif etmişdir. Bu baxımdan, layihəsinə Müvəkkilin də təkliflər verdiyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi təqdirəlayiqdir.
Ölkəmizdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər davam etdirilmiş, dövlət orqanlarının çoxunda əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Həmin xidmətlər bürokratik əngəllərin və mümkün korrupsiya hallarının qarşısının alınmasında və aradan qaldırılmasında, habelə əhalinin dövlət xidmətlərindən maneəsiz istifadə etməsində böyük əhəmiyyət daşımaqdadır.
200-dən artıq elektron xidmət göstərən və və artıq 8 milyon müraciət qəbul edən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti müraciətlərin vaxtında cavablandırılmasında, bürokratik əngəllərin qarşısının alınmasında mühüm önəm daşımışdır. Bunun nəticəsidir ki, ölkə Prezidentinin müvafiq göstərişlərinə əsasən, bu mərkəzlərə həvalə olunan xidmətlərin sayı, bununla yanaşı da əhali razılığı getdikcə artmaqdadır.
Bütövlükdə, “ASAN Xidməti”nin tətbiqi demokratik idarəetmənin təkmilləşməsi, süründürməçiliyin, bürokratik əngəllərin, korrupsiyanın qarşısının alınması ilə tədricən aradan qaldırılması, dövlət-vətəndaş münasibətlərinin təkmilləşməsi üçün geniş real imkanlar yaratmışdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı yekun nitqində də demişdir: “ASAN xidmət”in, əgər belə demək mümkündürsə, xalq tərəfindən bəyənilmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər, korrupsiyaya qarşı mübarizə sahəsində doğrudan da inqilabdır.”
Dövlət qurumları, habelə idarə, müəssisə və təşkilatlar tərəfindən vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi sahəsində müsbət dəyişikliklər diqqəti cəlb etmişdir. Bununla belə, ölkə konstitusiyası ilə vətəndaşlara verilmiş istənilən hüququn və ya azadlığın pozulması ilə bağlı müraciət hüququndan istifadə edərək, səlahiyyətli dövlət qurumlarına, yerli icra strukturlarına, idarə, müəssisə və təşkilatlara müraciət edən insanların bu hüququnun bir sıra hallarda həmin orqanlar tərəfindən təmin edilməməsi onların digər hüquqlarının da pozulmasına səbəb olur, hüquq pozuntusunun qarşısının alınmasında və ya pozulan hüququn bərpa edilməsində ciddi maneələr yaradır.
Müraciət etmək hüququ ilə bağlı daxil olmuş 1.216 müraciət üzrə aparılmış araşdırmalar nəticəsində vətəndaşların bu hüququnun pozulması halları aradan qaldırılmışdır. Həmçinin müraciətlərdə qaldırılmış məsələlər üşrə tədbirlər görülmüş, ərizəçiləri narahat edən məsələlərə aydınlıq gətirilmiş və onlar bu barədə məlumatlandırılmışlar.
Müraciət etmək hüququnun təmin edilməsi sahəsində vəziyyətin qanunla müəyyən edilmiş tələblərə uyğun qaydada qurulması məqsədi ilə Müvəkkil tərəfindən bir sıra tədbirlər görülmüşdür.
Bəzən vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul edilməməsi, müraciətlərə cavab verilməməsi, cavabın gecikdirilməsi, formal və əsaslandırılmamış cavablar verilməsi, cavabların yazılı qaydada verilməməsi, xüsusilə də süründürməçilik hallarına yol verilməsi müraciət etmək hüququnun pozulmasına səbəb olmuşdur.
Aparılmış araşdırmaların nəticəsi olaraq, müraciətlərdə qaldırılmış məsələlər üzrə təxirəsalınmaz, təcili tədbirlər görülmüş, ərizəçiləri narahat edən məsələlərə aydınlıq gətirilmiş, məlumatlandırma və izahat işləri aparılmış, bununla da vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, bəzən başqa hüquq pozuntularının qarşısı alınmışdır.
Dövlət qurumlarına, məsələn, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə ünvanlanmış sorğuların cavablandırılması bir qayda olaraq, tabeli təşkilatlara tapşırılmış, bununla da məsələ nəzarətlərindən kənar qalmış, bir qayda olaraq, şikayətlər həllini tapmamışdır. Belə hallar vətəndaşların hüquqlarının pozulmaqda davam etməsinə və haqlı narazılıqlarına səbəb olmuşdur.
Pozulmuş insan hüquqlarının bərpa edilməsi, şikayət və narazılıqların qarşısının alınması məqsədilə yerli icra hakimiyyəti başçıları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli strukturları tərəfindən əhali ilə mütəmadi görüşlərin keçirilməsi, onların problemləri ilə yerində tanış olunması işinin təkmilləşdirilməsi daim diqqət mərkəzində olmalıdır. Nöqsan və problemlərin vaxtında həll edilməsinə, hüquq pozuntularının qarşısının alınmasına yönəlmiş kəsərli tədbirlər görülməli, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən xüsusilə yerli bölmələrə və onların rəhbərlərinin işinə nəzarət gücləndirilməlidir.
Təhlil və araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bir sıra mərkəzi dövlət qurumlarında və onların yerli struktur bölmələrində, yaxud tabeli təşkilatlarında müraciətlərin təqdim edilməsi, sənədlərin alınması və qəbulu zamanı süründürməçilik halları və pozuntular davam etməkdədir.
Şikayətlərin araşdırılması prosesində müvafiq dövlət qurumuna göndərilmiş sorğuya verilmiş cavabda məsələyə baxılacağı və nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilsə də, gözlənilən əlavə cavabın göndərilməməsi vətəndaşların təkrar şikayətlərinə, hüquqlarının pozulmaqda davam etməsinə səbəb olur.
Müvafiq çoxsaylı dövlət qurumlarına, icra strukturlarına və yuxarı instansiyalara müraciətləri cavabsız qalan və ya qaneedici cavab almayan bir sıra vətəndaşlar Müvəkkilə müraciət etmiş, hüquqlarının müdafiəsində köməklik göstərilməsini xahiş etmişlər.
Mərkəzi qurumlar tabeli strukturların müraciətlərə baxılması üzrə fəaliyyətini daim nəzarətdə saxlamalı, zəruri hallarda yetərli tədbirlər görməlidir. Hər bir dövlət qurumu, yerli icra strukturu, xüsusilə də vətəndaşlarla birbaşa ünsiyyətdə olan hər bir məmur öz vəzifələrinin icrası zamanı, ilk növbədə, ölkəmizdə demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin bərqərar olmasına xidmət etməlidir.
Müvəkkil ona müraciət etmək məcburiyyətində qalmış şəxslərin pozulmuş hüququnun Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada, öz səlahiyyyətləri çərçivəsində bərpa edilməsi üzrə tədbirlər görmüş və bir çox hallarda buna nail olmuşdur.
Təqdim edilmiş müraciətlər və əlavə edilmiş sənədlər üzrə tədbirlər görməyən, zəruri araşdırmanı həyata keçirməyən, bununla da vətəndaşın müraciət etmək hüququnu pozan müvafiq dövlət orqanları, idarə, müəssisə və təşkilatlar bir sıra hallarda məsuliyyətdən kənar qalmaq məqsədilə vətəndaşın barəsində şikayət verdiyi müraciətin daxil olmadığını da bildirmişlər.
Müvafiq dövlət orqanlarında şifahi müraciətlərin qeydiyyata alınmaması da onların hüququnun pozulmasına və süründürməçiliyə yol verilməsinə səbəb olmuşdur.
Dövlət qurumlarının məmurları vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə onlarla izahat və hüquqi maarifləndirmə işi də aparmalıdır.
Müraciət etmək hüququnun səmərəli təmini məqsədilə yaradılmış regional elektron müraciət terminalları şəbəkəsi genişləndirilməsi, onlardan istifadənin təşviqi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yerlərdə treninqlərin keçirilməsi təklif edilmişdir.
Bəzən pozulmuş hüquqların bərpası və yol verilmiş hüquq pozuntusunun aradan qaldırıldığı hallarda bu pozuntuya yol vermiş və ya onun aradan qaldırılmasına qeyri-peşəkar və məsuliyyətsiz yanaşmış məmurlar, o cümlədən səlahiyyətli vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş cəzalardan kənar qalırlar.
Müvəkkil İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsində onun qanuni fəaliyyətini məhdudlaşdırmağa və ya fəaliyyətinə müdaxilə etməyə görə nəzərdə tutulmuş cərimə məbləğinin formal xarakter daşıdığı üçün artırılmasını təklif etmişdir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanunu ilə yeni redaksiyada təsdiq edilən və 2016-cı il martın 1-dən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinin 554-cü maddəsinə (Müvəkkilin qanuni fəaliyyətinə mane olma) əsasən, həmin məbləğ üç yüz əlli manatdan beş yüz manatadək artırılmışdır.
Şikayətlər üzrə araşdırmalar prosesində bəzi dövlət qurumlarına, habelə onların yerlərdəki struktur bölmələrinə göndərilən sorğu və tapşırıqlara bir sıra hallarda həqiqətə uyğun olmayan, qeyri-səmimi, yaxud formal cavabların verilməsi, həmçinin şikayətçilərin təqib edilməsi və ya yazdıqları şikayətlərdən ən müxtəlif yollarla, məsələn, ərizəni yazarkən «acıqlı», yaxud «əsəbi» olması bəhanələri ilə imtina etməyə məcbur edilməsi, yaxud şikayət olunan dövlət orqanı (təşkilatı) tərəfindən dərhal yerində həll edilərək, heç bir probleminin olmaması görüntüsünün yaradılması halları da olmuşdur.
Bütün bu hallar və mövcud vəziyyət onu göstərir ki, müraciətlərə baxılması sahəsində obyektivliyin, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən islahat tədbirlərinin davam etdirilməsinə, ictimai nəzarət institutunun tətbiqinə, dəstəklənməsinə və genişləndirilməsinə, həmçinin mərkəzi dövlət qurumları tərəfindən müvafiq yerli struktur bölmələrinin işinə nəzarətin gücləndirilməsinə böyük ehtiyac vardır.
“..İctimai nəzarət mexanizmləri işə salınmalıdır. Mən dəfələrlə ictimai nəzarət haqqında fikirlərimi bildirmişəm. Amma hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir.“ Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı yekun nitqində ölkə Prezidentinin söylədiyi bu fikirlər insan hüquqlarının təmin edilməsi sahəsində məsuliyyət daşıyan hər bir vəzifəli şəxs tərəfindən proqram sənəd kimi qəbul və icra edilməlidir.

 

 

Hüquq və azadlıqların məhkəmə təminatı. Məhkəmə sisteminin müasirləşməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və işinin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və tədrisi, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, ümumiyyətlə, fəaliyyətin səmərəliliyinin artırılması üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq qanunlara mütərəqqi dəyişikliklər edilərək Məhkəmə-Hüquq Şurasının fəaliyyət mexanizmləri təkmilləşdirilmiş, hakimlərin müstəqilliyinin əlavə təminatı müəyyən olunmuş, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları daha da genişləndirilmişdir.
Məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkədə 20-dək yeni, o cümlədən regional apellyasiya və ixtisaslaşmış məhkəmələr yaradılmış, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilmiş, ilk dəfə olaraq inzibati ədliyyə institutu, habelə respublikanın yeddi regionunda inzibati məhkəmələr təsis olunmuş, hakim ştatlarının sayı 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırılmış, beynəlxalq təcrübəyə uyğun olaraq hər bir hakim üçün köməkçi ştatı müəyyən edilmişdir.
Ötən dövrdə korrupsiyanın və digər neqativ halların aradan qaldırılması üzrə Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilmiş tədbirlər çərçivəsində 200-dək hakim barədə intizam icraatı başlanılmış, kobud qanun pozuntularına və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılmış, insan haqlarının kobud pozulmasına, habelə vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə bəzi hakimlərə intizam cəzası, o cümlədən töhmət verilmişdir.
Hakimlərin və məhkəmə işçilərinin tədrisinin məhkəmə səhvlərinin aradan qaldırılmasında mühüm əhəmiyyəti nəzərə alınaraq nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərin iştirakı ilə hakim və məhkəmə aparatı işçilərini əhatə edən silsilə tədris tədbirləri təşkil olunmuş, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzular tədris olunmuşdur. 
Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilə bağlı 1.982 müraciət daxil olmuşdur. Bu hüququn pozulması ilə bağlı şikayətlər, əsas etibarilə, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq xəbərdarlığın (bildirişin) göndərilməməsi və ya gec göndərilməsi, bəzi hakimlər tərəfindən tərəflərin bərabərliyinə və çəkişmə prinsipinə əməl edilməməsi, məhkəmə iclası zamanı bəzən tərəflərin vəsadətlərinə və sübut kimi təqdim etdikləri sənədlərə diqqət verilməməsi, məhkəmə qərarlarının surətinin tərəflərə verilməməsi və ya vaxtında göndərilməməsi, məhkəmə qərarlarında texniki səhvlərə yol verilməsi, apellyasiya və kassasiya şikayətlərinin aidiyyəti üzrə göndərilməsi üzrə tərəflərin məlumatlandırılmaması, süründürməçilik halları, qərarların icraya vaxtında yönəldilməməsi, hakimlərin məhkəmə qərarlarının icrasına nəzarət etməməsi ilə bağlı olmuşdur.
Müvəkkilin ünvanına ayrı-ayrı məhkəmələrin hakimləri ilə bağlı daxil olmuş şikayətlərlə əlaqədar müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına müvafiq məlumatlar göndərilmiş, həmçinin şikayətlərdə əks etdirilmiş halların araşdırılması ilə bağlı müraciətlər olunmuş və lazımi tədbirlər görülmüşdür.
Məhkəmələr tərəfindən müraciətlərin qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılması, habelə prosessual qanunvericiliklə məhkəmələrin üzərinə düşən vəzifələrin vaxtında və kəsirsiz yerinə yetirilməsi şikayətlərin azalmasına imkan yaradır.
Məhkəmə qərarlarının verilməməsi ilə bağlı şikayətlər əsasında müvafiq məhkəmə orqanlarına göndərilmiş sorğulara verilmiş cavablarda qərarların ərizəçiyə vaxtında göndərildiyi, müraciətdən sonra isə hətta təkrarən göndərildiyi bildirilsə də, araşdırma zamanı bir sıra hallarda bunun həqiqəti əks etdirmədiyi məlum olur.
Müraciətlərin təhlili göstərir ki, bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilmir ki, bu da onların məhkəməyə təkrar müraciət etmək hüququnun pozulmasına, həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnmiş, məhkəmə tərəfindən vətəndaşa işin gedişi ilə bağlı vaxtında məlumat verilməməsi isə süründürməçiliyə və haqlı narazılığa səbəb olmuşdur. Məhkəmələrdə süründürməçilik hallarına yol verilməsi ilə bağlı daxil olmuş müraciətlər üzrə də tədbirlər görülmüşdür.
Bəzən məhkəmələr tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin islah işlərinə cəlb edilməsi nəticə etibarilə müvafiq qərarlar üzrə icra işlərinin icra edilməsinə imkan vermir. Belə ki, əcnəbilərin respublikamızda işlə təmin edilməsi xüsusi qanuni prosedurla həyata keçirilir və işəgötürən hər bir belə əcnəbiyə görə müəyyən edilmiş qaydada rüsum ödəməlidir. 
Təcrübə də göstərir ki, işəgötürənlər (sahibkarlar) bir qayda olaraq, yersiz maliyyə itkilərinə yol vermək istəmirlər. Nəticədə islah işlərinə cəlb edilmiş əcnəbinin işlə təmin edilməsi və qərarın icrası mümkün olmur. Qərar icra edilmədiyi müddətdə isə həmin şəxs ölkə ərazisini tərk edə bilmir. 
Qeyd edilənləri nəzərə alaraq, Müvəkkil Cinayət Məcəlləsinə yeni “İslah işləri əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə hökm çıxarılanadək altmış yaşına çatmış qadınlara və altmış üç yaşına çatmış kişilərə təyin edilmir.” məzmunda 49.4-cü maddəsinin əlavə edilməsini təklif edir.
Məhkəmələr tərəfindən qərarların qəbul edilməsi zamanı ədalət prinsiplərinə və qanunçuluğa ciddi əməl edilməsi, vətəndaş-məmur münasibətlərinə böyük diqqət verilməsi, məhkəmələrdə ictimai nəzarətin genişləndirilməsi və nəticələrinin ictimailəşdirilməsi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən öyrənilməsi və tətbiq edilməsi, peşəkarlığın artırılması, əmək və icra intizamının möhkəmləndirilməsi, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla və qayğı ilə yanaşılması, korrupsiya hüquqpozmalarına yol verilməməsi vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli təmin edilməsində olduqca vacibdir.
Aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və respublikanın şəhər və rayon mərkəzlərində dövlət büdcəsindən maliyyələşən və ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması da zəruridir. Bu da hüquq pozuntularının, məmur özbaşınalığının qarşısının alınmasına imkan yaradardı.

 

 

Korrupsiyaya qarşı mübarizə. Vəzifəli şəxslər və məmurlar, habelə vətəndaşlar tərəfindən qanunun tələblərinə əməl edilməsi korrupsiyaya qarşı mübarizədə ən təsirli vasitədir.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində dediyi kimi, “Korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə gedir, öz bəhrəsini verir. Korrupsiya böyük bəladır, bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, inzibati addımlar atılır, həm də institusional tədbirlər görülür.”
Azad sahibkarlıq hüququnun səmərəli təmin olunması korrupsiyaya qarşı mübarizədə ciddi amildir. Müvəkkil sahibkarlığın inkişafına süni maneələrin qarşısının alınması, onların fəaliyyətinə lüzumsuz müdaxilələrə son qoyulması məqsədilə mövcud sahədə həyata keçirilən tədbirlərin davamlı xarakter almasının önəmli olduğunu bildirmişdir. Bu baxımdan, sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməklə onun verilməsinin “ASAN xidmət” mərkəzlərinə həvalə edilməsi, dövlət rüsumunun məbləğinin Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılması, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması üzrə ölkə prezidentinin göstərişləri, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi xüsusi əhəmiyyət daşımaqdadır.
Ölkə Prezidentinin müvafiq fərmanları ilə respublikada maliyyə sisteminin sabitliyinin və dayanıqlılığının, habelə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, şəffaflığını və çevikliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin, həmçinin sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya şuralarının yaradılması olduqca əhəmiyyətli addımdır.
İqtisadi həyatın müxtəlif sahələrində fəaliyyətin «bir pəncərə» prinsipi üzrə təşkili üzrə tədbirlərin həyata keçirilməsi, habelə vətəndaşların, o cümlədən sahibkarların məlumatlandırılması və maarifləndirilməsi istiqamətində davam etdirilən tədbirlər də korrupsiyaya qarşı mübarizədə ciddi əhəmiyyət kəsb etməkdədir.
Şikayətlərdə vəzifəli şəxslərin qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verməsi ilə bağlı məlumatlarla yanaşı, qanunçuluğu, hüquq qaydalarını, vətəndaşların hüquq və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanlarının və təşkilatlarının fəaliyyətindən narazılıq halları da öz əksini tapmışdır. 
Müvəkkil şikayətlərdə məmurlar tərəfindən korrupsiyaya yol verilməsi ilə bağlı öz əksini tapmış məlumatların yoxlanılması və təsdiq edildiyi təqdirdə, günahkar şəxslərin qanunvericiliyin tələblərinə müvafiq cəzalandırılması məqsədilə prokurorluq orqanlarına, habelə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri ilə bağlı olduqda bilavasitə həmin qurumlara müraciətlər etmiş, bu məsələləri diqqətdə saxlamış, müvafiq tədbirlər görülmüşdür.
Cəzasızlıq məmur özbaşınalığına, bununla yanaşı, yeni pozuntulara və vətəndaşların ciddi narazılığına səbəb olur. 
Sosial-iqtisadi həyatın hər bir sahəsində şəffaflığın təmin edilməsini korrupsiyaya qarşı mübarizədə ciddi amil hesab edən Müvəkkil ötən dövrdə bir sıra sahələrdə struktur islahatlarının aparılmasını, nəticə etibarilə mənzil-istismar sahələrinin ləğv edilməsini və səlahiyyətlərinin bələdiyyələrə verilməsini, tibbi-sosial ekspert komissiyalarının işinin yenidən qurulmasını, ünvanlı dövlət sosial yardımlarının təyin və təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsini təklif etmiş, müvafiq sahələrdə işin yenidən qurulması üzrə tədbirlərin sürətləndirilməsini zəruri hesab edir.
Korrupsiyaya şərait yaradan əsaslı problemlərdən biri də vətəndaşların müraciət etdiyi dövlət orqanları, idarə, müəssisə və təşkilatları tərəfindən müvafiq şikayətlərin və ya ərizələrin, habelə onlara əlavə edilmiş sənədlərin qəbul edilməsi, qeydiyyata alınması və sənədlərin verilməsi prosesindəki bürokratik əngəllərdir ki, bu da idarəetmənin daha da təkmilləşdirilməsini tələb edir.
Sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsinə, azad sahibkarlığın inkişafına real təminatlar verilməsi, münbit biznes mühitinin yaradılması məqsədilə orta və kiçik sahibkarlıq subyektlərinə gömrük və vergi güzəştlərinin tətbiqi, şəffaflığın artırılması, inhisarçılığa, haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sərbəst rəqabətin təmin edilməsi, bu tələbləri pozanlara qarşı ciddi tədbirlər görülməsi zəruridir.
Ölkə prezidentinin korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlərin görülməsinə dair tapşırıqları hər bir dövlət qurumu və vəzifəli şəxs tərəfindən proqram sənədi kimi icra edilməlidir.
İnsan hüquqlarının müdafiəsi sahəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq

 

 

Prokurorluq orqanları ilə əməkdaşlıq. Cinayətkarlığa qarşı mübarizə tədbirlərini müvəffəqiyyətlə həyata keçirən prokurorluq orqanlarının insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət bu orqanlarda işin getdikcə təkmilləşməkdə və səmərəsinin artmaqda olduğunu göstərir.
Baş Prokurorluğun rəsmi məlumatına əsasən, aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir.
Prokurorluq orqanları ilə bağlı Müvəkkilin ünvanına 750 müraciət daxil olmuşdur. Həmin müraciətlərin bir çoxu Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə səmərəli əməkdaşlıq şəraitində araşdırılmış, pozulmuş insan hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülmüşdür.
Müraciətlərdə əsasən bəzi prokurorluqlar tərəfindən təhqiqata və istintaqa prosessual rəhbərliyin yetərincə həyata keçirilməməsi, törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara uyğun olaraq kifayət qədər səbəblər və əsaslar olmasına baxmayaraq cinayət işinin başlanılmaması, zəruri istintaq və ya digər prosessual hərəkətlərin həyata keçirilməməsi, şikayətlərdə qeyd edilən xüsusatların tam və ya qismən araşdırılmaması kimi hallar öz əksini tapmışdır.
Müvəkkilin prokurorluq orqanlarına müraciətlərindən sonra aparılmış yoxlamalar əsasında bir çox hallarda cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması, cinayət işinin icraatına xitam verilməsi barədə qərarlar ləğv edilmiş, həmçinin toplanılmış materiallar istintaq orqanına göndərilmiş və cinayət işi başlanılmış, habelə sübutların qiymətləndirilməsindən sonra törədilmiş cinayət əməli Cinayət Məcəlləsinin bir maddəsindən digər maddəsinə tövsif edilmiş, habelə istintaq aidiyyəti dəyişdirilmiş, həmçinin nöqsanların aşkar edildiyi hallarda, habelə müraciətlərdə göstərilmiş xüsusatların hərtərəfli və obyektiv araşdırılması üçün zəruri hallarda aidiyyəti üzrə əməliyyat tapşırıqları və göstərişlər verilmişdir.
Materiallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığı hallar müəyyən edilmiş, belə hallarda cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar təhqiqata və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokurorluq tərəfindən ləğv edilərək material təkrar təhqiqata qaytarılmışdır.
 Şikayətlərin təhlili göstərir ki, bəzən yerli prokurorluğun əməkdaşları tərəfindən araşdırılması aparılan materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarın müvafiq prokuror tərəfindən təsdiq edilməsinə baxmayaraq, material Baş Prokurorluq tərəfindən öyrənildikdən sonra araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmadığı müəyyən edilməsi nəticəsində qərarın onu təsdiq etmiş prokuror tərəfindən ləğv edilərək təkrar araşdırmaya qaytarıldığı hallar da olmuşdur. Belə ki, bəzi rayon prokurorluqlarında ərizəçilərin müraciətlərinə və göstərdiyi xüsusatlara əhəmiyyət verilməmiş, yalnız Müvəkkilin və Baş Prokurorluğun müdaxiləsindən sonra həmin prokurorluqlar tərəfindən aparılmış təkrar araşdırma zamanı qəbul edilmiş qərar üçün əsasların natamam olduğu müəyyən edilmişdir. Lakin xüsusi olaraq qeyd ediləməlidir ki, Baş Prokurorluğun müdaxiləsi olmadan da bu nöqsanlar vaxtında aradan qaldırıla bilərdi.
Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq, cinayət işinin başlanmasını rədd etmək, məlumatı istintaq aidiyyəti üzrə göndərmək, xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək kimi qərarlardan birini qəbul etməlidir. Lakin bəzən qanunun bu tələbinə əməl edilmir və vətəndaşın müraciəti üzrə müvafiq prosessual qərar qəbul edilməsi əvəzinə, həmin müraciət ümumui qaydada arxivə göndərilir. Bəzən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror da müvafiq müraciətlər üzrə həyata keçirilmiş hərəkətlərin qanuna uyğun olub-olmamasına düzgün qiymət vermir. Belə şikayətlərin yoxlanılması məqsədilə göndərildiyi prokuror da müvafiq qanunvericiliyin pozulmasına diqqətsiz yanaşır, vətəndaşın şikayətinin qanunla müəyyən edilmiş qaydada araşdırılması əvəzinə, təhqiqatçının materialların işə alınması qərarını mübahisələndirmir.
Araşdırmanın natamam aparıldığı, prosessual qərarları prokuror tərəfindən ləğv edilmiş, icraatında olan material üzrə araşdırmanı natamam apardığına görə araşdırma prosesindən kənar edilmiş, təhqiqata və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə əhəmiyyət verməyən, cinayət prosessual normalarının tələblərinə riayət etməyən, vətəndaşların hüquqlarının və qanuni maraqlarının pozulmasına səbəb olan əməkdaşlar barədə tədbirlərin ciddiləşdirilməsi zəruridir.
İbtidai araşdırmaya prossessual rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin daha da təkmilləşdirilməsi, aşkarlığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi prokurorluq orqanları tərəfindən insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı qorunması baxımından olduqca əhəmiyyətlidir.

 

 

Ədliyyə orqanları ilə əməkdaşlıq. Məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, notariat və qeydiyyat qurumlarının işinin təşkili, məhkəmə qərarlarının icrası üzrə fəaliyyətin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülmüşdür.
Müvəkkil Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda fəaliyyət göstərmiş, istər təsisatda, istərsə də regionlarda keçirilmiş tədbirlərdə ədliyyə orqanlarının əməkdaşları da iştirak etmişlər. Təsisatla Ədliyyə Akademiyası arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri davam etdirilmiş, icbari təlim kurslarının məşğələlərində aparatın əməkdaşları dinləyicilər qarşısında müxtəlif mövzularda mühazirələr oxumuşlar. 
Qeyd edilənlərlə yanaşı, bəzi şikayətlərdə notariat, qeydiyyat və bələdiyyə orqanlarının, habelə icra məmurlarının fəaliyyətindən narazılıq, o cümlədən süründürməçilik halları öz əksini tapmışdır. Həmin şikayətlər üzrə aparılmış araşdırmalar nəticəsində bir sıra hallarda vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir.
Rəsmi məlumatlara əsasən, vətəndaş müraciətlərinə baxılmasında nöqsanlara yol verdiyinə görə 34 ədliyyə işçisi  ciddi intizam məsuliyyətinə cəlb olunmuşdur. Bununla yanaşı, pozuntulara yol vermiş 388 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilmiş, aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar hüquqi qiymət verilməsi üçün 65 material prokurorluğa göndərilib.
1.009 müraciətdə məhkəmə qərarlarının icra edilməməsi və ya uzun müddət icrasız qalması, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən vətəndaşlarla münasibətdə etik davranış qaydalarının pozulması kimi hallar, onlardan 374 müraciətdə isə aliment tələbinə dair qərarların icra edilməməsi göstərilmişdir.  
İcra məmurlarının öz səlahiyyətlərindən yetərincə istifadə etmədiyi, borclunun axtarışı ilə bağlı tədbirlər görmədən, işi icra edilmədən məhkəməyə qaytardığı hallar da hüquqların pozulmasına səbəb olmuşdur. Bəzi icra məmurlarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti də hüquqların pozulması ilə nəticələnmişdir.
Rəsmi məlumata əsasən, bəzi icra qurumlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlara görə 35 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-si ədliyyə orqanlarından xaric olunmuş, 3 nəfər isə tutduğu vəzifədən azad edilmişdir.
Alimentin borclu tərəfindən vaxtında ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, ödənişin yubadılması, yaxud da borclunun icra qurumlarından gizlənməsi müvafiq məhkəmə qərarlarının icra edilməsinə maneçilik törədir.  
İcra hərəkətlərinin həyata keçirilməsinə baxmayaraq, borclu tərəfin işləməməsi, rəsmi iş yerinin olmaması, tələbin yönəldilə biləcəyi əmlakın və digər gəlirlərin aşkar edilməməsi, əmək qabiliyyəti olmayan borclunun işləyə bilməməsi, pensiya (müavinət) almaması və ya məbləğinin az olması, müxtəlif qanunazidd yollarla borcu ödəməkdən yayınması və gizlənməsi, ölkənin hüdudlarını tərk etməsi səbəbindən aliment borcunun ödənilməsində çətinliklər yaranır, yaxud da ödənişin təmin edilməsi mümkün olmur.
Boşanmalar nəticəsində alimentin müəyyən edilməsi və əmlakın bölünməsi zamanı məhkəmələr tərəfindən ana və uşaqların mənafeyi, o cümlədən sosial təminat, mənzil və mülkiyyət hüquqları nəzərə alınmalıdır.
İcra məmurlarının məhkəmə qərarlarını könüllü icra etməyən və ya icrasından boyun qaçıran borcluların məsuliyyət məsələsinin həlli ilə bağlı təsir vasitəsi kimi məhkəmələrə ünvanladıqları təqdimatların bəzən təmin edilməməsi həmin qərarların icrasını çətinləşdirir.
Müvəkkil 2006-cı ildən etibarən illik məruzələrində, habelə səlahiyyətli dövlət qurumlarına ünvanladığı təkliflər sırasında aliment üzrə borcların ödənilməsindəki problemlərin həlli məqsədilə “Aliment Fondu”nun yaradılmasını israrla təklif etmiş və bunu məqsədəmüvafiq sayır.
Müvəkkilin aidiyyəti üzrə müdaxiləsi nəticəsində bir sıra digər tələblərlə, o cümlədən əmlak tələbinə dair məhkəmə qərarları da təmin edilmişdir. Lakin məhkəmə qərarlarının borclu dövlət qurumları tərəfindən icra edilməməsi və ya icrasının gecikdirilməsi də vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur.
İcra sahəsində intizamın gücləndirilməsi, məhkəmə qərarlarının icra edilməsində süründürməçilik hallarına yol verən, vətəndaşlara münasibətdə etik davranış qaydalarını pozan, öz vəzifələrinə qeyri-peşəkar və laqeyd münasibət göstərən icra məmurlarının cəzalandırılması onların məsuliyyətinin artırılmasına, pozuntuların aradan qaldırılmasına xidmət edərdi.

 

 

Daxili işlər orqanları ilə əməkdaşlıq. Ölkəmizdə sabitliyin qorunmasında və ictimai asayişin təmin edilməsində mühüm rola malik olan daxili işlər orqanları bu inkişafın və sabitliyin davamlı olması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, kriminogen durumun nəzarətdə saxlanılması üçün öz üzərinə düşən vəzifələri peşəkarcasına və yüksək məsuliyyətlə davam etdirmişdir.
Müvəkkilin insan hüquqlarının müdafiəsi istiqamətində Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı səmərəli olmuşdur. Polis orqanları ilə bağlı 2.319 müraciət daxil olmuşdur. Şikayətlərdə əsasən vətəndaşların polis əməkdaşları tərəfindən, o cümlədən təhqiqat və istintaq zamanı təhqirlərə və təzyiqlərə məruz qalması, kobud rəftara yol verilməsi, qanunazidd fiziki güc tətbiq edilməsi, şikayət əsasında toplanmış material üzrə təhqiqatın və ya başlanmış cinayət işi üzrə istintaqın qeyri-obyektiv, qərəzli və ləng aparılması, qəbul edilmiş prosessual qərarın surətinin verilməməsi, müraciətlərin nəticəsiz qalması və ya müraciətlərə baxılmasında süründürməçiliyə yol verilməsi  kimi hallar öz əksini tapmışdır.
Şikayətlərlə bağlı daxili işlər orqanlarına müvafiq sorğular göndərilmiş, yoxlama tapşırıqları verilmiş, araşdırmalar aparılmışdır.
2015-ci ildə Müvəkkilin Daxili İşlər Nazirliyinə müraciətinə əsasən aparılmış xidməti təhqiqatla təsdiqini tapmış 10 fakt üzrə 14 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, kobud rəftara görə 3 fakt üzrə 4 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilmiş, 2-nə “şiddətli töhmət”, 1-nə “töhmət” elan olunmuş, həmçinin polis əməkdaşlarının xidməti fəaliyyəti ilə bağlı olan 7 fakt üzrə intizam məsuliyyətinə cəlb edilmiş 10 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilmiş, 4-nə “şiddətli töhmət”, 5-nə isə töhmət elan olunmuşdur.
Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, ümumilikdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı nazirliyə daxil olmuş və təsdiq olunmuş 284 fakt üzrə 369 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir (onlardan 126-sı vətəndaşlarla kobud rəftar, 56-sı polisə əsassız gətirmə və saxlama, 68-i sürücülərin hüquqlarının pozulması, 6-sı əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 26-sı isə digər faktlar). Onlardan 46 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 32 əməkdaş tutduğu vəzifədən azad edilmiş, 291 əməkdaş barəsində isə digər intizam tədbirləri görülmüşdür.
Şikayətlərdə polis orqanlarına müraciətlərin tam araşdırılmaması, qeyri-obyektivliyə yol verilməsi ilə bağlı halların yoxlanılması məqsədilə Müvəkkilin prokurorluq orqanlarına müraciətindən sonra aparılmış araşdırmalar zamanı bəzən şikayətlər üzrə toplanmış materialın tam, hərtərəfli və obyektiv araşdırılmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında əsassız qərarın qəbul edildiyi müəyyən edilmiş, müvafiq prokurorluq tərəfindən ləğv edilərək əlavə araşdırma aparılması üçün polis orqanına göndərilmişdir.
Araşdırmalar zamanı vətəndaşın eyni şikayəti ilə bağlı toplanmış təhqiqat materialı üzrə bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi müəyyən edilmiş, prokurorluğa müraciətdən sonra material öyrənilmiş, istintaq orqanına göndərilmiş və cinayət işi başlanılmışdır. 
Cinayət işi üzrə qəbul edilmiş qərarın əsaslılığı öyrənilərkən bəzən əlavə istintaq zamanı müstəntiq tərəfindən iş üzrə qəbul edilmiş müvafiq qərarda olan göstərişlərin tam icra olunmadığı müəyyən edildiyindən işin icraatına xitam verilməsi barədə müvafiq qərar ləğv olunaraq cinayət işi əlavə istintaq aparılması üçün istintaq orqanına qaytarılmışdır.
Müvəkkilin prokurorluq orqanlarına müraciətlərindən sonra aparılmış yoxlamalar əsasında araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün zəruri istintaq hərəkətlərinin yerinə yetirilmədiyi, iş üzrə mühüm əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin icrasının tam təmin olunmadığı, ifadələr arasında olan ziddiyətlərin aradan qaldırılmadığı müəyyən edildiyi hallarda cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilmiş, prokuror tərəfindən iş üzrə yazılı göstəriş verilməklə təkrar istintaqa qaytarılmışdır. Lakin araşdırmanın hərtərəfli, tam və obyektiv aparılmasını təmin etməyən tədqiqatçı və ya müstəntiqlər yol verdikləri bu nöqsanlara görə bir çox hallarda intizam məsuliyyətindən kənarda qalmışlar.
Məişət zorakılığının, cinsi əlaqəyə təhrik etmənin, əxlaqsızlığın və hüquq pozuntularının birbaşa və ya dolayısı ilə təbliğinin qarşısının alınması, habelə əxlaqsızlıq yuvalarının aşkarlanması, ləğvi və onları saxlayan şəxslərin cəzalandırılması üzrə tədbirlər görülməsi zəruridir.

 

 

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər davam etdirilmişdir. 239 şikayətdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığını bildirmişlər.
Şikayətlər üzrə Müvəkkil tərəfindən müvafiq araşdırmalar aparılmış, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülmüş, bəzən sürücülərlə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən Dövlət Yol Polisi əməkdaşlarına qarşı intizam cəzaları da tətbiq edilmişdir. Şikayətlərin təhlili bu sahədə mövcud olan bir sıra problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.
Sürət həddini aşma və ötmə qaydalarının pozulması, avtomobili içkili halda idarə etmə, idarəetməni itirmə, ehtiyatsız davranma, havanın yağmurlu olması kimi hallarla bağlı yol qəzaları nəticəsində baş verən çoxsaylı ölüm və xəsarətlər narahatlıq doğurur.
Qeyd edilənləri nəzərə alaraq, Müvəkkil Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və aidiyyəti dövlət qurumları, habelə vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə kompleks tədbirlər planının hazırlanıb həyata keçirilməsini təklif edir.

 

 


1.2.  İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi

 

 

Əmək hüququ. Bu hüququn səmərəli təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər vətəndaşların fərdi və ictimai rifahının inkişafına, həmçinin mövcud sahədə yol verilən qanun pozuntularının getdikcə aradan qaldırılması baxımından əhəmiyyətlidir. 
Əmək hüquqlarının pozulması ilə bağlı 960 müraciət daxil olmuşdur. Bu məsələlər sırasında əmək haqqının və son haqq-hesabın ödənilməməsi, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməsindən imtina, əmək müqaviləsinin bağlanılması və ona xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi, ezamiyyət üzrə ödəmələrin aparılmaması, işdən azad edilərkən əmək kitabçasının və əmrin surətinin verilməməsi, işdən azadetmə kimi hallar müşahidə olunmuşdur.
Müvəkkilin həyata keçirdiyi tədbirlər, o cümlədən araşdırmalar nəticəsində bir sıra hallarda işçilərin pozulmuş hüquqlarının bərpasına nail olunmuşdur. Bu məqsədlə Müvəkkil Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yanında Dövlət Əmək Müfəttişliyi ilə səmərəli əməkdaşlıq etmişdir.
Əmək qanunvericiliyinin tələblərinə zidd olaraq işdən azad edilmiş şəxslərin şikayətləri diqqətlə araşdırılmış, bir çox hallarda bu vətəndaşlar öz işinə bərpa edilmişdir.
Şikayətlərdə əks olunmuş halların yoxlanılması məqsədilə Müvəkkilin səlahiyyətli qurumlara müraciətindən, habelə aidiyyəti üzrə müdaxiləsindən sonra əmək hüquqlarının digər aspektləri ilə bağlı şikayətlər üzrə də vətəndaşların hüquqları bərpa olunmuşdur.
Təhlillər göstərir ki, bir sıra hallarda təsərrüfat subyektləri, xüsusilə də özəl müəssisələr ödəmə qabiliyyətini itirdikdə, müflis olduqda, işçilərə əmək haqları üzrə borcların ödənilməsində ciddi problemlər yaranır, vətəndaşların əmək hüquqları pozulur.
Həmin problemi nəzərə alaraq, Müvəkkil müəssisənin iflasa uğradığı, yaxud hər hansı fəlakət nəticəsində əmlakı məhv olduğu hallarda müflisləşməsi nəticəsində ödəmə qabiliyyəti olmadıqda işçilərə ödənclərin verilməsi məqsədi ilə müvafiq təminat sisteminin yaradılmasını və bununla bağlı zəruri mexanizmlərin hazırlanmasını təklif edir.
Vətəndaşların sosial vəziyyətinə böyük önəm verən ölkə Prezidenti “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində haqlı olaraq demişdir ki, “Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər. Məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində yeni vakansiyalar açılmalıdır.”
Ölkə Prezidentinin göstərişlərinə uyğun olaraq, artıq yeni təşəbbüslər həyata keçirilməkdədir. Buna misal olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Nardaran qəsəbəsində və Gəncədə keçirilmiş mini əmək yarmarkalarını göstərmək olar ki, burada əhaliyə yüzlərlə konkret iş yeri təklif olunmuşdur. Həmin yarmarkalarda ailə başçısı olan qadınların (tənha anaların) ilk növbədə işlə təmin edilməsi məsələsi diqqətdə saxlanılmalıdr.
Bəzi müraciətlərdə vətəndaşlar ali təhsilə malik olmalarına baxmayaraq, məşğulluq orqanlarına müraciət etdikdə onlara ixtisaslarından kənar, o cümlədən orta ixtisaslı mütəxəssislər və ya orta təhsilli şəxslərin işləməli olduqları vəzifələrin və iş yerlərinin təklif edildiyini, bununla razılaşmadıqda isə işsiz statusunun verilməsindən imtina edildiyini bildirmişlər. Odir ki, Müvəkkil “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli, 713-IVQ saylı Qanununun 5.3-cü maddəsinin sonuna “Ali təhsilli mütəxəssis kimi müvafiq ixtisasa malik olan şəxslərə yalnız onların razılığı ilə yeni ixtisasa yiyələnməsi təklif edilə bilər. Buna razılıq olmadıqda həmin şəxs münasib iş təklif edilənə kimi işsiz vətəndaş hesab edilməlidir” cümlələrinin əlavə edilməsini təklif edir.
Əlilliyi olan şəxslərin əmək hüquqlarının etibarlı müdafiəsi məqsədilə Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqram»ın 5.4-cü bəndinin işləyən əlilliyi olan insanlara əlavə haqqın ödənilməsi mexanizminin yaradılması yolu ilə təkmilləşdirilməsi də məqsədəmüvafiqdir.
Müvəkkilin əmək hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər sırasında maarifləndirmə işi, o cümlədən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə əməkdaşlıq da mühüm yer tutur. Aparatın əməkdaşları müxtəlif vaxtlarda dinləyicilər qarşısında əmək hüquqları ilə bağlı məruzələrlə çıxış etmişlər.

 

 

Sosial təminat hüququ. Sosial cəhətdən zəif əhali qruplarından olan vətəndaşların hüquqlarının müdafiəsi ötən dövrdə də dövlətin sosial siyasətində prioritet təşkil etmişdir.
Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə bütün növ əmək pensiyalarının sığorta hissəsinin, yaşayış minimumu məbləğlərinin davamlı olaraq artırılması böyük əhəmiyyət daşımışdır.
Azərbaycan Respublikasının hər bir növbəti il üçün dövlət büdcəsi layihəsinin müzakirələrində və onun formalaşması prosesində Müvəkkilin iştirakı, əhalinin müxtəlif qruplarının sosial problemlərinin həll edilməsi üzrə təkliflərinin nəzərə alınması insan hüquqlarının təmin olunmasına və etibarlı müdafiəsinə xidmət etməkdədir. Müvəkkilin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində irəli sürdüyü bir çox təkliflər tədricən öz həllini tapmaqdadır. 
Müvəkkil əvvəlki illik məruzələrində yetim, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinin gücləndirilməsini, onların sosial qayğısını üzərinə götürmək imkanlarına malik sosial-reabilitasiya mərkəzlərinin yaradılmasını, internat evlərində tərbiyə alan və müvafiq yaş həddinə çatdıqda oranı tərk edən uşaqların yaşayış yeri ilə təmin edilməsini təklif etmişdir. Bu baxımdan, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin, habelə xüsusi qayğıya ehtiyacı olan uşaqların kompleks şəkildə tibbi, sosial reabilitasiyasının aparılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması, həmçinin evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin müəyyən edilməsi böyük əhəmiyyət daşıyır.
Sosial təminat hüququnun pozulması ilə bağlı daxil olmuş 1.225 müraciətin araşdırılması və təmin edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması və pozulmuş hüquqların bərpası istiqamətində bir sıra tədbirlər görülmüşdür.
Şikayətlərdə təyin olunmuş pensiyanın düzgün hesablanmaması, o cümlədən pensiya hesablanarkən iş stajının müəyyən dövrünün nəzərə alınmaması, əmək pensiyasına əlavələrin hesablanmaması kimi hallar öz əksini tapmışdır ki, Müvəkkilin aidiyyəti üzrə müdaxiləsindən sonra məsələ öz həllini tapmışdır.
Şikayətlər üzrə araşdırmalardan sonra vətəndaşların sosial təminat hüququnun digər aspektləri, o cümlədən cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı problemləri də öz həllini tapmış, pozulmuş hüquqlar bərpa edilmişdir.
Bəzən işəgötürənlər tərəfindən işçilər üçün hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqının müvafiq qaydada Dövlət Sosial Müdafiə Fonduna ödənilməməsi də pensiya təyin edilməsi üçün sənədlərini təqdim etmiş vətəndaşlara pensiyaların aşağı məbləğdə hesablanmasına səbəb olmuşdur. Odur ki, Fond tərəfindən bu sahəyə nəzarətin gücləndirilməsi zəruridir.
Təhlillər göstərmişdir ki, insan hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə, habelə sosial inkişaf sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində müəyyən məsələlərin həllinə hələ də ehtiyac qalmaqdadır.  
Əhalinin qayğıya ehtiyacı olan qruplarına sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını tənzimləyən «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi zəruridir.
Ailələrə dövlət qayğısı mövcud hüquqi vasitələrin imkanlarından tam gücü ilə istifadəni, habelə bütövlükdə ailənin və cəmiyyətin müasir inkişaf tendensiyalarına uyğun olan məqsədyönlü dövlət ailə siyasətinin həyata keçirilməsində hüquqi, sosial-iqtisadi və təşkilati mexanizmlərin formalaşdırılmasını özündə ehtiva edir.
Odur ki, Müvəkkil sosial dəstəyə böyük ehtiyacı olan aztəminatlı ailələrə ünvanlanmış, kənd yerlərində şəxsi təsərrüfatın inkişaf etdirilməsi üçün natura şəklində yardımı, rayon mərkəzlərində (şəhərlərdə) isə kiçik biznesə birdəfəlik maddi dəstəyi nəzərdə tutan “Aztəminatlı ailələrə sosial dəstək proqramı” layihəsinin hazırlanmasını və tətbiq edilməsini təklif edir. 
Himayəsində (tərkibində) 18 yaşına kimi 5 və daha artıq uşaq olan ailələrin sosial müdafiəsinin səmərəli təmin edilməsi məqsədilə “Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında” Qanun layihəsinin qəbul edilməsi də məqsədəuyğundur.
Aztəminatlı əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə lazımi dəstəyi, o cümlədən kommunal xidmətlərdən istifadə üzrə güzəştin müəyyən edilməsi, kəndli-fermer təsərrüfatları, kiçik biznes, o cümlədən kiçik kommersiya  sahələri yaratmaq istəyində olan ailələrə dəstək verilməsi, fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması (müvafiq rüsumdan azad edilməklə), tikinti materiallarının alınması üçün güzəştli kreditlərin verilməsi kimi məsələləri özündə ehtiva edən “Minimum yaşayış səviyyəsinin təmin edilməsi haqqında” Qanun layihəsinin hazırlanması və qəbul edilməsinə də ehtiyac vardır.
Sosial təminat problemlərinin həlli sırasında döyüş (cəbhə) bölgəsində düşmən qüvvələrinin açdığı atəş nəticəsində həlak olan, yaralanan, travma və ya kontuziya alan mülki şəxslər (və ya onların ailələri) üçün müavinətin, habelə yaşayış üçün yeganə gəlir mənbəyi olan əkin sahələrinə dəymiş ziyana görə kompensasiyanın müəyyən edilməsi zəruridir.

 

 

Ünvanlı dövlət sosial yardımı. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan, o cümlədən ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və digər səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Müvəkkil ötən illərdə ünvanlı sosial yardımın təyini prosesinin asanlaşdırılması, ucqarlarda yaşayan vətəndaşlara əlçatanlığının təmin edilməsi, süründürməçiliyin və digər bürokratik əngəllərin aradan qaldırılması üzrə müxtəlif təkliflər vermişdir.
Yardımın təyin edilməsi üçün yaxın keçmişdə müxtəlif qurumlardan alınmalı olan 17 növ sənəd tələb edildiyi halda, Müvəkkilin də məlum təklif və tövsiyələrindən sonra müvafiq qanunvericilik aktlarına edilmiş əlavə və dəyişikliklər nəticəsində bunların sayı son dərəcə azaldılmışdır. 
Müvəkkil bu yardımın təyin olunması qaydalarının təkmilləşdirilməsini, o cümlədən elektron qaydada təşkilini də təklif etmişdir. Bu baxımdan, “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin yaradılması da olduqca əhəmiyyətlidir. 
Ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı 622 müraciət daxil olmuşdur. Əhalinin sosial müdafiəsi mərkəzlərinin bəzi vəzifəli şəxsləri tərəfindən bir sıra hallarda müəyyən məbləğin əvvəlcədən ödənilməsi şərtilə ailəyə müavinətin təyin edilməsinin təklif olunması, süründürməçiliyə yol verilməsi, yardımın təyin edilməsi haqqında məlumatın vətəndaşlara bildirilməməsi kimi hallar müraciətlərdə öz əksini tapmışdır.
Yardımın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı müraciətlər üzrə aparılmış araşdırmalar və görülmüş tədbirlər nəticəsində bir sıra aztəminatlı ailələrə yardımlar təyin edilmişdir.
Təhlillər göstərir ki, müvafiq qanunvericiliyin, o cümlədən həmin yardımların müəyyən edilməsi üçün zəruri olan sənədlər siyahısının sadələşdirilməsi yolu ilə təkmilləşdirilməsinə ehtiyac vardır.
Yerlərdə, xüsusilə kənd rayonlarında məşğulluq orqanları tərəfindən vətəndaşlara təklif edilən iş yerlərində əməkhaqqı cüzi miqdarda və ya yaşayış yerindən çox uzaqda olur. Bu hallarda vətəndaşlar təklifdən imtina etməklə yardım almaq hüququndan da məhrum olurlar.
Ümumiyyətlə, yardımın təyin olunması zamanı, xüsusilə cəbhə bölgələrində əmlakın siyahısı tərtib edilərkən istifadəsi mümkün olmayan və ya müntəzəm istifadə edilə bilməyən torpaqların, ailədə olan əlillərə, ahıllara, uşaqlara və digər ehtiyaclı qruplara (ailədə olan əlilliyi olan şəxslər, ahıllar, əmək qabiliyyəti olmayan digər şəxslər nəzərə alınmaqla) ödənilən müavinətin məbləğinin ümumi ehtiyac meyarının məcmusuna daxil edilməməsi, istifadəyə yararsız nəqliyyat vasitələrinin nəzərə alınmaması zəruridir.
Qazanc əldə etmək məqsədilə daimi yaşayış yerini tərk edərək müvəqqəti olaraq başqa yerə köçmüş, lakin ünvanlı dövlət sosial yardımına ehtiyacı olan ailələr müvəqqəti məskunlaşdıqları ünvan üzrə qeydiyyata düşə bilməmələri səbəbindən bu hüquqdan yararlana bilmirlər. Odur ki, bu və ya digər səbəbdən kirayədə və ya qohumlarının evində müvəqqəti yaşayan, habelə daimi yaşayış yeri olmayan aztəminatlı ailələrdən həmin yaşayış yeri üzrə arayışın tələb edilməsi əvəzinə faktiki yerin maddi məişət şəraitinin yoxlanılması daha məqsədəmüvafiqdir.
Müvəkkilin də təklifləri nəzərə alınaraq, ünvanlı yardımın təyini prosesi təkmilləşdirilməkdədir. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarına əsasən, yeni redaksiyada mütərəqqi müddəaların əks olunduğu “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq edilmişdir. Yeni Qaydalarda yardımın təyin olunmasından imtina siyahısından təhsil haqqı və kredit öhdəliyi məsələləri çıxarılmışdır. Bununla belə, təkmilləşdirmə işinin davam etdirilməsi zəruridir.
Qeyd olunanlarla yanaşı, Müvəkkil ünvanlı sosial yardımın təyin edilməsində əlçatanlığın təmin olunması üzrə tədbirlərin davam etdirilməsini, onun təyin edilməsinin də “ASAN” xidmət mərkəzlərinə həvalə olunmasının sürətləndirilməsini məqsədəuyğun hesab edir. 
Yeri gəlmişkən, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı yekun nitqində demişdir: “Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayı daha da artmalıdır. Bizdə harada hələ ki şəffaflıq təmin edilmir, bax o sahələr də “ASAN xidmət”də öz həllini tapacaq. Ona görə, hökumət bu məsələ ilə bağlı əlavə təkliflər versin ki, biz hansı xidmətləri “ASAN xidmət”ə əlavə edə bilərik.”
Əhalinin sosial rifahının gücləndirilməsi və sosial təminat hüququnun etibarlı müdafiəsi naminə mövcud çatışmazlıqların aradan qaldırılması və sosial təminat sisteminin davamlı olaraq təkmilləşdirilməsi və möhkəmləndirilməsinin sosial yönümlü iqtisadi siyasət yürüdən dövlətimizin qəti tələbi olduğunu rəhbər tutaraq, regionlardakı sosial müdafiəsi mərkəzlərinin fəaliyyətinə ciddi nəzarət sisteminin, habelə ictimai nəzarətin tətbiq edilməsi, əsaslı şikayətlərə səbəb olan məmurların cəzalandırılması üzrə tədbirlərin davam etdirilməsinə hələ də ehtiyac vardır.

 

 

Sağlamlığın qorunması hüququ. Səhiyyə xidmətinin yaxşılaşdırılması üçün tədbirlər görülmüş, əhalinin yaşayış səviyyəsi və həyat tərzinin tələblərinə uyğun olaraq müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilmiş, bütövlükdə səhiyyə sahəsinin maddi-texniki bazası möhkəmləndirilmişdir.
Sağlamlığın qorunması hüququ ilə bağlı 445 müraciət daxil olmuşdur. Bu müraciətlərdə əsasən, müalicə və müayinənin dövlət hesabına həyata keçirilməsi, dərman preparatlarının verilməsində köməklik göstərilməsi kimi məsələlərlə yanaşı, sağlamlıq hüququnun qorunmasının digər aspektləri ilə bağlı problemlər öz əksini tapmışdır.
Maddi imkansızlıq səbəbindən dövlət hesabına müayinə və müalicə olunmasında  köməklik göstərilməsinə dair vətəndaşlardan daxil olan ərizələrlə bağlı Müvəkkilin Səhiyyə Nazirliyinə müraciətindən sonra həmin xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsi məqsədilə aidiyyəti səhiyyə orqanlarına, o cümlədən Bakı Şəhər Baş Səhiyyə İdarəsinə, yerli səhiyyə idarələrinə və mərkəzi rayon xəstəxanalarına tapşırıqlar verilmişdir.
İmtiyazlı qruplardan, habelə qayğıya daha çox ehtiyacı olan, müvafiq xəstəlikdən əziyyət çəkən və dispanser qeydiyyatında olan dövlət hesabına dərman preparatları ilə təmin edilmək hüququna malik şəxslərin bir sıra mövcud problemləri də öz həllini tapmışdır. Dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmaması bu şəxslərin narazılığına səbəb olan hallardandır.
Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatlarının, təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmiş hepatit “C” və “B” virusuna yoluxmuş xəstələrin dövlət hesabına dərman preparatları ilə təmin olunması ilə bağlı müvafiq siyahının genişləndirilməsi zəruridir.
Müvəkkil ötən dövrlərdə dərman preparatlarının qiymətlərinin əhalinin böyük hissəsi, xüsusilə aztəminatlı təbəqələrdən olan şəxslər üçün əlçatanlığının təmin olunmasını təklif etmişdir. Bu baxımdan, ölkə prezidentinin göstərişinə əsasən, Tarif (qiymət) Şurası tərəfindən çoxsaylı dərman vasitələrinin, o cümlədən ilk mərhələdə həyati vacib və daha çox tələbat olan preparatların qiymətlərinin tənzimlənməsi təqdirəlayiqdir.
Ərizələrlə bağlı araşdırma zamanı Müvəkkilin aidiyyəti üzrə müraciətlərindən sonra əksər vətəndaşların müayinə və müalicəsi ilə bağlı məsələlər də həll edilmişdir.
Ürək xəstəlikləri, o cümlədən ürək qüsuru ilə bağlı xəstəlikləri olan, gözlərinin dövlət hesabına müalicə olunmasında köməklik göstərilməsi xahişi ilə müraciət edən, dayaq-hərəkət sistemində problemləri olan bir çox şəxslərin müraciətləri nəzərə alınaraq, Müvəkkilin aidiyyəti üzrə müraciətindən sonra onlar müayinə və müalicə məsələsinin təşkili üçün aidiyyəti klinikalara göndərilmiş və lazımi yardım almışlar.
Müvəkkilin Səhiyyə Nazirliyinə müraciətlərindən sonra bir sıra xəstələrlə bağlı sənədlər müvafiq rəy verilməsi üçün nazirliyin "Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyası"na və yüksək ixtisaslı mütəxəssislərdən ibarət xüsusi komissiyaya, habelə uroloji, ürək və viruslu hepatit xəstəliklərinin müalicəsinin təşkili üzrə komissiyalara göndərilmişdir.
Bəzi şikayətlərdə özəl tibb müəssisələrində müalicə və müayinənin təşkilində yol verilmiş ciddi pozuntular, qiymətlərin çox baha olması, müalicənin nəticəsiz qalması, həmçinin dövlət tibb müəssisələrində həkimlərin laqeydliyi, tibbi heyətin pasiyentlərə münasibətdə qeyri-etik davranışı, həkimlərin xəstə qarşısında məsuliyyət hissinin olmaması, tibbi göstərişdən asılı olmayaraq, xəstələrin ən müxtəlif laborator və diaqnostik müayinələrə məruz qoyulması, onların qazanc mənbəyinə çevrilməsi, tibbi xidmətin keyfiyyətinin zəruri səviyyədə olmaması halları da şikayətlərdə öz əksini tapmışdır.
Uşaqların müxtəlif qüsurlarla dünyaya gəlməsinin qarşısını almaq məqsədilə doğum evlərinin analar üçün əlçatanlığının təmin olunması, hamilə qadınların xüsusi ehtiyac duyulan patronaj xidmətinin bərpa edilməsi, perinatal müayinələrin aparılması ana və uşaq ölümünün azalmasına, qüsurlu körpələrin doğulmasının qarşısının alınmasına imkan verərdi. 
Ağır dərəcəli və total eşitmə azlığı olan uşaqlarda vaxtında koxlear implantasiya (daxili qulağın protezləməsi) əməliyyatının aparılması və onların kompleks reabilitasiyası uşaqlar arasında lal-karlığın, beləliklə, gələcəkdə potensial əlillərin sayının artmasının qarşısını ala bilər. Odur ki, 2012-ci ildən etibarən illik məruzələrində həmin məsələyə xüsusi diqqət ayıran Müvəkkil dövlət büdcəsinin imkan verdiyi həddə bu məqsədlər üçün vəsaitin ayrılmasını olduqca zəruri hesab edir. Yeri gəlmişkən, artıq Səhiyyə Nazirliyi tərəfindən “Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya” yaradılmış və fəaliyyətə başlamışdır.
Müvəkkil həkim-xəstə münasibətlərinə ciddi yanaşılmasını, xəstələrin, o cümlədən həkim müalicəsindən ziyan çəkən pasiyentlərin hüquqlarının təmin edilməsi üzrə yeni qanunvericilik aktlarının qəbul edilməsini, müalicə prosesində qarşılıqlı vəzifələri müəyyən edən müqaviləli sistemə keçidi zəruri hesab edir. Bu baxımdan, “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanunun qəbul edilməsi sürətləndirilməlidir.
Hemofiliyalı və talassemiyalı xəstələrə tibbi yardım təkmilləşdirilmiş, onların ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasına nail olunmuş, bu xəstəlikdən əlillik və ölüm halları azalmış, belə şəxslərin hüquqlarının müdafiəsi və sosial vəziyyətlərinin  yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində həmin xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olmuşdur.
Əhali arasında talassemiyanın profilaktikası istiqamətində kompleks tədbirlər görülməsi məqsədi ilə maarifləndirmə, sosial səfərbərlik tədbirləri, xüsusən, risk qruplarını müəyyən etmək üçün nikaha daxil olmaq istəyən şəxslərin əvvəlcədən tibbi müayinədən keçməsi kimi tədbirlərə ehtiyac vardır.
Qan xəstəliklərinin erkən müayinə və müalicəsini təmin etmək üçün DNK müayinələrinin aparılması məqsədi ilə Tibbi-Genetik Laboratoriyanın yaradılması zəruridir.
Ailə Məcəlləsinə əsasən, nikaha daxil olan şəxslər tibbi müayinədən keçmələri haqqında Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarına arayış təqdim etməlidirlər. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, ailə planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi tibb müəssisələrində pulsuz həyata keçirilməlidir. 
Yeni evlənənlərin tibbi müayinədən keçməsi sayəsində gənclərdə nikahdan qabaq yaranmış bir çox xəstəliklərin qarşısının alınmasında əhəmiyyətini, o cümlədən irsi qan xəstəliklərinin erkən diaqnostikasının vacibliyini nəzərə alaraq, ölkəmizdə yeni evlənənlərin genetik müayinədən keçməsi, xəstə dölün vaxtında aşkar olunması məqsədilə prenatal diaqnostikanın təşkili üçün tibbi-genetik laboratoriyanın yaradılmasının vacibliyinə diqqəti yönəldən Müvəkkil tibb universiteti tələbələri arasında “Genetika” ixtisasına yiyələnənlərin sayının artırılmasına yönəlmiş tədbirlərin sürətləndirilməsi təklifi ilə Səhiyyə Nazirliyinə müraciət etmişdir.
Daun sindromu səbəbindən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının müdafiəsi də diqqətdə saxlanılmışdır. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin inşa edilməsi və müasir avadanlıqla təchiz olunması bu sahədə böyük addımdır.
Autizm sindromlu uşaqların  məktəbəqədər, ibtidai və orta təhsil almaları üçün müvafiq təhsil müəssisələri, ixtisaslaşdırılmış reabilitasiya-inkişaf mərkəzləri, ixtisaslı və peşəkar kadrlar məhdud olduğundan, təlim-tərbiyə və reabilitasiya işinin təşkilindəki ciddi çətinlikləri nəzərə alan Müvəkkil belə uşaqlar üçün müasir tipli reabilitasiya-inkişaf və tədris mərkəzlərinin yaradılmasını da təklif etmişdir. “Autizm sindromlu şəxslərə dövlət qayğısı haqqında” Qanunun və bu sahədə müvafiq dövlət proqramının layihələrinin hazırlanaraq qəbul edilməsi Müvəkkil tərəfindən də dəstəklənmiş, bu istiqamətdə zəruri təkliflər irəli sürülmüşdür. 
Milli Məclisin Sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Autizm sindromlu şəxslərin sosial müdafiəsi” mövzusunda dinləmələrin keçirilməsi bu sahədə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində atılmış addım kimi təqdirəlayiqdir.
Monitorinqlərin nəticələri və müraciətlərin təhlili göstərir ki, hemodializə ehtiyacı olan insanların sayının ilbəil artan dinamikası bu sahəyə ehtiyaca uyğun olaraq əlavə büdcə ayırmaları tələb edir. Bununla bağlı dövlət proqramı qəbul edilsə də, çoxsaylı müraciətlər davam etməkdədir.
Sürətlə artmaqda olan İİV/QİÇS və narkomaniyanın qarşısını almaq məqsədilə vətəndaş cəmiyyəti təsisatları da cəlb edilməklə xüsusi proqramların hazırlanması, profilaktik tədbirlərin və maarifləndirmə işinin aparılması, o cümlədən bundan əziyyət çəkən məhkumların xüsusi müəssisələrdə müalicəyə cəlb edilməsi məqsədəuyğundur.
Təəssüf ki, ölkəmizdə hepatitlərin sayının günbəgün artdığı bir vaxtda bu xəstələrin dəqiq uçotunun aparılmaması mövcud sahədə real mənzərəni görməyə imkan vermir. Bu xəstələrin dəqiq uçotunun aparılmasına və ünvanlı qaydada kompleks müalicəsinin təmin edilməsinə kəskin ehtiyac vardır.
Mövcud iqtisadi durumda əhalinin sağlamlığının mühafizəsi və sağlam həyat tərzinin təbliği xüsusi prioritet təşkil edir. Bu baxımdan, ərzaq təhlükəsizliyinin təmin edilməsi zəruridir. Lakin yaşıllıqların qorunması da heç də az əhəmiyyətli deyildir.
Budama və ya abadlıq adı altında çoxillik ağacların məhvi, yaşayış massivlərinin yaşıl zonalardan məhrum edilməsi yolverilməzdir. Hər kəsilmiş ağacın əvəzinə yüzlərlə şitillər əkilsə də, onilliklərin ağaclarını yaxın zamanda əvəz edə bilməz. Odur ki, bu sahədə də nəzarət gücləndirilməli, qanunsuz və özbaşına qərarvermə hallarının qarşısı alınmalıdır.
İçməli suyun insan sağlamlığında əvəzsiz əhəmiyyətini nəzərə alaraq, su təmizləyici qurğuların müntəzəm monitorinqinin aparılması, həmçinin televiziya kanallarında, ictimai yerlərdə, sosial yönümlü müəssisələrdə, xüsusilə təhsil ocaqlarında, o cümlədən məktəb və bağçalarda içməli sudan istifadə və onun mühafizəsi ilə bağlı videoçarxların hazırlanması və yayımlanması da məqsədəuyğundur.

 

 

Təhsil hüququ. Ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində bütün regionlarda təhsilin infrastrukturu yenilənmiş, dövlətimiz, habelə Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, təhsili, intellektual səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, çoxsaylı yeni məktəb binaları tikilmiş, uşaq evləri və internatlar əsaslı təmir olunmuş, müasir avadanlıqla təchiz edilmişdir.  
Təhsil hüququ ilə bağlı daxil olmuş 140 müraciət üzrə araşdırmalar aparılmış, hüquq pozuntusu müəyyən edildiyi halda onların bərpası üzrə tədbirlər görülmüşdür.
Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması məqsədilə ardıcıl tədbirlər görülür. Lakin uşaq bağçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda, şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdır.
2015-ci ilin mühüm başlanğıclarından biri kimi I siniflərə şagirdlərin qəbulunun elektron qaydada keçirilməsi müsbət yenilik kimi qeyd edilməlidir. Digər tərəfdən, qəbul zamanı 6 yaşlılara verilən məntiq testlərinin sualları çətin olmaqla, bu yaşda uşaqların əksər hissəsinin real təfəkkür və düşünmə tərzi ilə ciddi fərqlər təşkil edir. Bu da bir çox valideynləri məktəbə hazırlıq dövründə uşaqları xüsusi repetitorlara yönəldərək pul sərf etmək məcburiyyətində qoyur. Bunun əsas səbəbləri kimi məhz uşaqların intellektinin və düşüncə tərzinin düzgün formalaşmasında rol oynayacaq məktəbəqədər təhsil müəssisələrinin az olması, tərbiyəçi müəllimlərin peşəkarlıq tələblərinə cavab verməməsi və həmin müəssisələrin yerli icra hakimiyyətlərinin tabeliyində olmaqla təhsil və Təhsil Nazirliyi sistemindən uzaqlaşmasıdır.
Xüsusilə qeyd edilməlidir ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər.
Orta məktəblərdə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı statistik məlumatlar təhsilin real vəziyyəti ilə bağlı dərindən düşünməyə və təxirəsalınmaz tədbirlər görməyə əsas verir. 
Şagirdlərə qarşı kobud və ləyaqəti alçaldan hərəkətlərə, fiziki və mənəvi zorakılığa yol verilməsinə görə məsuliyyətin də ciddiləşdirilməsi, bu məqsədlə İnzibati Xətalar Məcəlləsinin 49-1-ci maddəsində (Təhsil haqqında qanunvericiliyin pozulması) nəzərdə tutulmuş cərimənin miqdarının artırılması zəruridir.
Müvəkkil və aparatın əməkdaşları müntəzəm olaraq dövlət uşaq müəssisələrində, o cümlədən Bakıdakı 1 və 2 saylı uşaq evlərində, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbində, 3 saylı Xüsusi internat məktəbində olmuş, uşaqlar üçün yaradılmış şərait, onların təhsili, tibbi xidmətə çıxış imkanları, uşaqların saxlanıldığı müəssisələrdə mövcud sənədləşmənin aparılması vəziyyəti araşdırılmışdır.
Təhsil hüququnun səmərəli təmin edilməsi istiqamətində ciddi problemlərdən biri kimi Müvəkkil nitq qabiliyyəti zəif olan uşaqların inklüziv təhsilinin təşkili məsələsini də diqqətdə saxlamışdır. Eşitmə zəifliyi, autizm sindromu və digər bu kimi səbəblərlə əlaqədar nitq qabiliyyəti zəif inkişaf edən, lakin müəyyən qədər reabilitasiya potensialına malik uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına nail olmaq məqsədilə onların kompleks şəkildə reabilitasiyaya cəlb olunması və ümumi təyinatlı təhsil müəssisələrində digər həmyaşıdları ilə birgə inklüziv təhsil almaları üçün zəruri şəraitin yaradılması, belə uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması istiqamətində planlı tədbirlərin görülməsi məqsədəuyğundur.
Müvəkkilin rəhbərliyi altında aparılmış araşdırmaların nəticələrinə görə regionlarda sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər və orta təhsil almaları üçün xüsusi və ümumi təyinatlı dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin, ixtisaslaşdırılmış reabilitasiya-inkişaf mərkəzlərinin, ixtisaslı və peşəkar kadrların çatışmaması təlim-tərbiyə və reabilitasiya işinin təşkilində ciddi çətinliklər yaratmaqdadır. Odur ki, Müvəkkil belə uşaqlar üçün müxtəlif profilli reabilitasiya müəssisələrinin, surdoloji və loqopedik xidmət mərkəzlərinin, inklüziv komponentli təhsil ocaqlarının yaradılmasını, psixo-pedaqoji və digər işçilərin hazırlanması ilə bağlı tədbirlərin görülməsini təklif etmişdir.
Orta məktəblərdə təhsil hüququnun təmin edilməsindəki problemlərlə bağlı daxil olan müraciətlərdə əks edilmiş hallar üzrə Təhsil Nazirliyi ilə əməkdaşlıqda araşdırmalar aparılmış, zəruri hallarda monitorinqlər həyata keçirilmiş, təhsil sahəsində bir sıra problemlər təhlil edilmiş və müvafiq nəticələr əldə edilmişdir.
Tədris prosesinin düzgün təşkil edilməməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri müəyyən edilmiş qaydada icra etməməsi şikayətlərə səbəb olmuşdur. Aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar aradan qaldırılmış, təqsirkar tədris işçiləri cəzalandırılmışlar.
Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaratmalı, əldə etdiyi bilik və etik davranış sayəsində onu digərlərinə örnək ola biləcək vətəndaşa çevrilməsinə imkan verməlidir. Odur ki, orta məktəblərdə, xüsusilə kənd rayonlarında uşaqların, xüsusilə də qızların təhsildən kənarda qalması səbəbləri əsaslı təhlil edilməlidir.
Genişmiqyaslı təmir-tikinti işlərinin aparılması ilə yanaşı, respublikanın kənd rayonlarında olan bir sıra məktəb binaları hələ də tədris prosesi üçün yararsız, bəziləri isə hətta qəzalı vəziyyətdədir.
Hələ ötən dövrlərdə orta məktəblərdə, xüsusilə kənd rayonlarında uşaqların, xüsusilə də qızların təhsildən kənarda qalması səbəblərinin əsaslı təhlil edilməsinin vacibliyini bildirən Müvəkkil uşağın icbari təhsildən yayınmasında günahkar olan şəxslərə münasibətdə inzibati məsuliyyətin müəyyən edilməsini, valideyn və müəllim məsuliyyətinin artırılmasını, valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsini təklif etmişdir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli Qanunu ilə İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 51.1-1-ci maddəsində göstərilmişdir ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə - yüz manat miqdarında cərimə edilir.”.
Təhsildə yeniliklərin pilot qaydasında yoxlanılmadan, habelə inzibati metodlar tətbiq edilməklə aparılması onillərlə formalaşmış təhsil sisteminin zəifləməsinə səbəb ola bilər.
Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həmçinin istər bu müəssisələrin, istərsə də orta məktəblərin birbaşa həmin nazirliyin büdcəsindən maliyyələşdirilməsi məqsədəmüvafiqdir.
Müvəkkil dövlət ali və orta ixtisas müəssisələrində ödənişli təhsil alan, imtahanlarda yüksək göstəricilər nümayiş etdirən, müəyyn edilmiş davamiyyət və davranış qaydalarına riayət edən tələbələrin təhsil haqqının aşağı salınması və ya həmin haqqın ödənilməsindən azad edilməsi üzrə həvəsləndirmə üsulunun tətbiq edilməsini təklif etmişdir. Bu baxımdan, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərə görə müəyyən edilmiş məbləğlərdə ödənilməsinin qərara alınması olduqca əhəmiyyətlidir.
Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, lakin yataqxanalarda yerlə təmin edilməyən, mənzil kirayəsi haqqının ödənilməsində maddi köməyə ehtiyacı olan tələbələrə ünvanlılıq əsasında aylıq müavinətin müəyyən edilməsinə ehtiyac vardır.
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) ləğv edilməsindən sonra yaranan və hazırkı vaxta kimi davam etməkdə olan ciddi problemlərdən biri də oradan məzun olmuş vətəndaşların hələ də ali təhsil haqqında diplomu ala bilməməsidir. Əslində, Təhsil Nazirliyi ABU-nun rəhbərliyi tərəfindən tələbələrin aldadılmasından xəbərsiz olmamış, həmin universitetin ləğv edildiyi vaxta kimi istər TQDK xətti ilə, istərsə də  köçürmə qaydasında, yaxud TQDK-dan kənar yolla qəbul edilmiş və məzun olmuş şəxslərə müvafiq qaydada diplomlar verilmişdir. Bu da aydındır ki, diplom blankları təhsil müəssisələrinə Təhsil Nazirliyi tərəfindən verilir.
Müvəkkil qeyd edilənləri nəzərə alaraq, həmin tələbələrə müvafiq ali təhsil haqqında diplomun verilməsi məsələsinə baxılmasını və həll olunmasını məqsədəuyğun hesab edir.
Bəzi şikayətlərdə vətəndaşlar xarici dövlətlərdə aldıqları ali təhsil haqqında diplomun tanınması məqsədilə Təhsil Nazirliyinə müraciət edərkən aylarla gözləmək məcburiyyətində qaldıqlarını və süründürməçiliklə üzləşdiklərini bildirmişlər. 
Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları”nda nəzərdə tutulmuş bütün zəruri sənədlərin təqdim edilməsinə baxmayaraq, müvafiq xarici ölkə ali tədris müəssisəsinə göndərdiyi sorğulara cavab verilməməsini əsas gətirən Təhsil Nazirliyi xaricdə təhsil almış şəxslərə ekvivalentlik haqqında şəhadətnamə vermir.
Həmin Qaydalar əsas gətirilməklə xaricdəki ali təhsil müəssisələrində distant təhsil almış şəxslərin müvafiq ali təhsil haqqında sənədlərinin də tanınmasından imtina edilir. Odur ki, Müvəkkil həmin Qaydaların 1.2-ci bəndində “ali təhsil proqramının” sözlərindən əvvəl “əyani, qiyabi və ya distant formada” sözlərinin əlavə edilməsini təklif edir.
Müvəkkilin insan hüquqları sahəsində apardığı geniş maarifləndirmə fəaliyyəti əhalinin hüquq mədəniyyətinin və düşüncəsinin inkişafına, hüquqi biliklərin artırılmasına öz töhfəsini verir. Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsində  “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin tədrisi davam etdirilmiş, magistratura pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmaqla bu sahəyə elmi yanaşma nümayiş etdirilməkdədir. Artıq digər fakültələrdə də insan hüquqlarının tədrisinə başlanılmış və bu müsbət təcrübənin digər ali təhsil müəssisələrində də yayılması zəruridir.
 
Mənzil hüququ. Mənzil hüququ ilə bağlı 328 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə əsasən mənzillə təminat, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, bundan əsassız imtina və süründürməçiliyə yol verilməsi, mənzil növbəsinə götürülmə və ya mənzil növbəsinin bərpası, qəzalı vəziyyətdə olan mənzilin əvəzinə yeni mənzil verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, evin təmirinə yardım olunması, qonşuluqda aparılan tikinti işləri ilə bağlı mənzillərə dəymiş ziyanın aradan qaldırılmasına köməklik edilməsi kimi hallar öz əksini tapmışdır.
Bir sıra müraciətlərdə vətəndaşların tikinti şirkətləri tərəfindən aldadılaraq pullarının mənimsənilməsi, yeni tikililərdə təklif edilmiş mənzillərin eyni vaxtda bir neçə şəxsə satılması, onlara qarşı dələduzluq edilməsi, hətta belə şəxslərə qarşı başlanılmış cinayət təqibinin heç bir nəticə vermədiyi, mənimsənilmiş vəsaitin qaytarılmaması kimi hallar öz əksini tapmışdır.
Qeyd olunanlarla yanaşı, həm real vəziyyət, həm də müraciətlərin təhlili göstərir ki, əhalinin mənzillə təminatı sahəsində hələ də problemlər qalmaqdadır. 
Əlverişli üsullardan biri kimi ipoteka kreditlərinin verilməsi səmərəli vasitə kimi əhalinin geniş təbəqələri üçün əlçatan olmalıdır. Lakin bu kreditlərin verilməsində yaranan fasilələr, Milli İpoteka Fonduna ayrılan vəsaitin vətəndaşların tələbini ödəmək səviyyəsində olmaması, vətəndaşlara verilən güzəştli ipoteka kreditinin maksimal məbləğinin mənzil bazarının real tələbini ödəməməsi, ilkin məbləğin yüksək olması, faiz dərəcəsinin reallığı əks etdirməməsi nəinki aztəminatlı ailələrin, hətta ödəmə qabiliyyətinə malik vətəndaşların da mənzilə olan ehtiyaclarının yetərincə həllinə imkan vermir, gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Odur ki, krediti almaq imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməli və bu istiqamətdə işlər sürətləndirilməlidir. Bu kreditin verilməsinin regionlarda da geniş tətbiqi əhalinin bölgələrdə dayanıqlığını və məskunlaşması prosesini daha da möhkəmləndirər.
Sosial mənzil fondunun yaradılması da aztəminatlı ailələrin mənzil probleminin tədricən həllinə, əmlak bazarında qiymətlərin tənzimlənməsinə, ehtiyaclı qrupların mənzil əldə etmə imkanlarının artmasına imkan yarada bilər.
Müvəkkilin əvvəlki illik məruzələrində və səlahiyyətli dövlət qurumlarına göndərdiyi müraciətlərində öz əksini tapmış, habelə davam etməkdə olan problemlərdən biri də istər əvvəllər, istərsə də son illərdə müvafiq əraziyə öz səlahiyyətləri çərçivəsində cavabdeh olan mənzil-istismar sahələri rəislərinin, polis orqanlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin qeyri-rəsmi razılığı ilə inşa edilən «qanunsuz tikili»lərdir.
Mülki Məcəllənin 1100-cü maddəsində göstərilmişdir ki, “Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.” Göründüyü kimi, qanun vəzifəli şəxslərin günahı səbəbindən fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin ödənilməsini dövlətin və ya bələdiyyənin üzərinə qoyur ki, bu da bəzi vəzifəli şəxslər tərəfindən sui-istifadə hallarına yol açır. Odur ki, Məcəllənin həmin maddəsindəki “Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə” sözlərinin “müvafiq dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxsləri” sözləri ilə əvəz edilməsi məqsədəmüvafiqdir.
Bələdiyyələrin fəaliyyətə başladığı vaxtdan etibarən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılması zəruridir. Məsələnin həlli bu problemin yaratdığı çətinliklərdən əziyyət çəkən minlərlə vətəndaşın narahatlığına son qoymaqla yanaşı, onların bir sıra hüquqlarının səmərəli təmin edilməsinə imkan verəcəkdir.
Şəhərsalma və Tikinti Məcəlləsi rəhbər tutularaq, hələ də hazırlanma prosesində olan şəhərlərin baş planları əsasında rayon (şəhər) icra hakimiyyətləri tərəfindən əvvəlcə qeyri-qanuni tikilmiş bina və qurğuların inventarizasiyası aparılmalı, sonra isə şəhərlərin (qəsəbələrin) ayrı-ayrı hissələrinin müfəssəl planları hazırlanmalıdır. Baş və müfəssəl planlaşdırma layihələri isə Əmlak Məsələləri Dövlət Komitəsinin və yerli icra hakimiyyəti orqanlarının məlumatları əsasında hazırlanır. 
Bəzi şikayətlərdə vətəndaşlar onlara məxsus torpaq sahələrində həmin məcəllənin müvafiq maddəsinə uyğun olaraq, məlumatlandırma icraatı qaydasında fərdi evin tikilməsi üçün yerli icra hakimiyyətlərinə göndərdikləri müvafiq sənədlərə həmin icra hakimiyyətləri tərəfindən baxılmalı və irad olduqda bildirilməli olduğu halda, əksər hallarda bu sənədlərə heç bir münasibət bildirilməmiş və ya mənfi cavab verilmişdir.
Qeyd edilən hallarla bağlı Müvəkkil tərəfindən yerli icra hakimiyyəti orqanlarına göndərilmiş yoxlama tapşırıqlarına, bir qayda olaraq, müvafiq ərazi üzrə müfəssəl planın işlənib hazırlanmadığı üçün vətəndaşların bununla bağlı müraciətlərinin həllinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, həmin məcəllədə nəzərdə tutulmuş məsələlərin tənzimlənməsini nəzərdə tutan bir sıra normativ hüquqi aktların qəbul edilməməsi səbəbindən fərdi ev tikməklə öz yaşayışını yaxşılaşdırmaq istəyində olan vətəndaşlar çətinliklərlə üzləşməli olmuşlar.
Qeyd olunanları nəzərə alaraq, Müvəkkil müvafiq müfəssəl planların olmamasını, o cümlədən səlahiyyətli dövlət orqanları tərəfindən vaxtında hazırlanmaması səbəbindən vətəndaşların mənzil hüququnun məhdudlaşdırılmasını yolverilməz hesab etmiş, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsini zəruri hesab etmişdir.
Yeri gəlmişkən, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.6-cı maddəsinin yeni redaksiyada verilmiş birinci cümləsində göstərilmişdir ki, “Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmçinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”, “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları” və s. təsdiq edilmişdir.  
Müvəkkilin əvvəlki illik məruzələrində və bundan əvvəl səlahiyyətli dövlət qurumlarına müraciətlərində Hövsan, Binə və Ramana südçülük sovxozlarında, habelə Bakı şəhərinin «Alatava», «Zığ», «Vorovski», «Xutor», «NZS», «UPD», «Keşlə», «Yasamal» və «Yeni Yasamal», habelə başqa yaşayış massivlərində yerləşən, lakin dövlət qeydiyyatına alınmamış evlərdə yaşayan on minlərlə vətəndaşın bir çox hüquqlardan tam şəkildə istifadə etmək imkanlarının məhdudlaşdığı öz əksini tapmışdır. Müvəkkil bir daha həmin evlərin texniki inventarlaşdırılması və bu tikililər üzərində hüquqların qeydiyyatı probleminin həlli məqsədilə hüquqi mexanizmin hazırlanmasını, həmçinin belə tikintilərin davam etdirilməsinin qarşısının alınmasını zəruri hesab edir.
Köhnə və qəzalı mənzillərdə yaşayan vətəndaşların yeni mənzillərə köçürülməsi məsələsinin həlli məqsədilə müvafiq dövlət proqramının hazırlanmasına və həyata keçirilməsinə böyük ehtiyac vardır.
Ölkəmizin ayrı-ayrı regionlarında müxtəlif vaxtlarda baş vermiş təbii fəlakət zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilmiş tədbirlər davam etdirilmişdir. Müvəkkilin aidiyyəti üzrə müraciətləri nəticəsində təbii fəlakətlərdən ziyan çəkmiş bir sıra evlərə yerli fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilmiş və Fövqəladə Hallar Nazirliyinin işçi qrupunun baxışına təqdim olunmuş, yararsız vəziyyətə düşmüş bəzi evlər üzrə bərpa rəyi verilmiş və ya bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir.
2015-ci il mayın 19-da Binəqədi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində bir neçə insan həlak olmuş və ya yaralanmışdır. Ölkə Prezidenti şəxsən hadisə yerində olmuş, binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə bağlı Dövlət Komissiyasının üzvlərinə tapşırıqlarını vermişdir. Nəticədə bina qısa müddətdə tam təmir edilərək sakinlərin ora geri köçürülməsi təmin edilmişdir.
Müvəkkil də baş vermiş faciə nəticəsində zərərçəkmiş şəxslərin müvəqqəti yaşadıqları yerlərdə, habelə yaralıların yerləşdirildiyi xəstəxanalarda onlara baş çəkmiş, onların vəziyyətini və ehtiyaclarını diqqətdə saxlamış, təklif və müraciətlərini səlahiyyətli qurumlara çatdırmışdır.

 

 

Mülkiyyət hüququ. Bu hüququn pozulması ilə bağlı 1.996 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə əsasən mülkiyyətdə olan əmlakın (evin, tikilinin) müvafiq məhkəmə qərarı olmadan yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin ictimai ehtiyaclar üçün geri alınması və əvəzinin ödənilməməsi və ya əvəzində uyğun kompensasiyanın verilməməsi, vətəndaşa məxsus evin, mənzilin, torpağın sənədləşdirilməsi zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidmətinin ərazi idarələri və rayon (şəhər) şöbələri tərəfindən süründürməçiliyə yol verilməsi kimi hallar öz əksini tapmışdır.
Müvafiq sahədə olan və minlərlə insanı narahat edən ən ciddi problemlərdən biri kimi Müvəkkil vətəndaşlar tərəfindən müxtəlif vaxtlarda, o cümlədən bələdiyyələrin fəaliyyətə başladığı vaxta kimi fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılmasını və dövlət qeydiyyatına alınmasını təklif etmişdir. Bu baxımdan, ölkə Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi əhəmiyyətlidir.
2015-ci ilin fevral və dekabr aylarında milli valyuta olan “manat”ın dönərliliyinin zəifləməsi nəticəsində banklardan ABŞ dolları ilə kredit götürmüş və ödəmə imkanı omayan vətəndaşlar tərəfindən ünvanlanmış şikayətlər xüsusi narahatlıq doğurmuşdur.  
Bəzi şikayətlərdə vətəndaşların banklardan aldıqları kreditlərin müvafiq müqavilədə ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, onlara nağd şəkildə Azərbaycan manatı ilə verilməsi, ABŞ dolları ilə aldıqları kredit üzrə ödənişlərin kredit müqaviləsinin bağlanıldığı tarixə olan məzənnə ilə aparılmasında köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Ümumiyyətlə, qeyd edilməlidir ki, bir sıra bankların yüksək mənfəət əldə etmək siyasətini rəhbər tutaraq, nəinki kiçik, hətta böyük məbləğlərdə kreditləri vətəndaşlara sadə qaydada verməsi, bəzi hallarda zamin və ya girov tələb etməməsi nəinki kredit almaq həvəsinə düşən və onun nəticələrinin məsuliyyətini dərk etməyən insanları, hətta onların ailələrinin də çıxılmaz vəziyyətlə üzləşməsinə şərait yaratmışdır. Nəticədə bir sıra ailələr yeganə yaşayış yerindən və əmlakından məhrum olmuş, bəzən dağılmış və ya ən müxtəlif maddi-mənəvi sarsıntılarla üzləşmişlər.

 

 

Biznes və insan hüquqları. Dünyada davam etməkdə olan iqtisadi böhrandan bu və ya digər dərəcədə zərər çəkmiş, nəticədə istehsal gücünü dayandırmaq, ştatları ixtisar etmək, iş vaxtını uzatmaq və ya kəsmək, sosial paketləri və əmək haqlarını aşağı salmaq məcburiyyətində olan biznes strukturlarının bir hissəsi qeyd edilən məcburi tədbirlərin həyata keçirilməsinə məsuliyyətlə yanaşdığı halda, digər hissəsi işçilərin gələcəyinə laqeydliklə yanaşırlar.
Müvəkkil biznes strukturlarının fəaliyyətinə dövlət nəzarətini həyata keçirən səlahiyyətli dövlət qurumları vasitəsilə bu qurumlar tərəfindən yol verilmiş və aşkar olunmuş nöqsan və çatışmazlıqların, pozuntu hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə səmərəli əməkdaşlığını davam etdirmişdir.
Əməkdaşlıq nəticəsində qeyri-dövlət sektoruna daxil olan müəssisələr tərəfindən vətəndaşların pozulmuş mülkiyyət, təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, istirahət, sağlamlığın qorunması və digər hüquqlarının bərpası üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra problemlər öz həllini tapmışdır.
Sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi, azad sahibkarlığın inkişafına real təminatlar verilməsi, münbit biznes mühitinin yaradılması məqsədilə orta və kiçik sahibkarlıq subyektlərinə, habelə sahibkarlıqla məşğul olan əlilliyi olan şəxslərə gömrük və vergi güzəştlərinin tətbiq edilməsi, inhisarçılığa və haqsız rəqabətə qarşı mübarizənin real şəkildə gücləndirilməsi, bu tələbləri pozan şəxslərə qarşı inzibati və cinayət məsuliyyətinin ağırlaşdırılması da məqsədəmüvafiqdir. Bununla yanaşı, korporativ məsuliyyət məsələsinə diqqətin artırılması, əhalinin qayğıya ehtiyacı olan qruplarının hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara münasibətdə həvəsləndirmə tədbirlərinin tətbiq olunması da vacibdir.
Müvəkkil ötən dövrdə sahibkarların hüquqlarının effektiv reallaşdırılmasını da təklif etmişdir. Bu baxımdan, sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin təmin edilməsi, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı minimuma endirilməklə onun verilməsinin “ASAN xidmət” mərkəzlərinə həvalə edilməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması üzrə ölkə Prezidentinin göstərişləri, habelə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi xüsusi əhəmiyyət daşımaqdadır.
Müvəkkilin təşəbbüsü ilə yaradılmış “Biznes və insan hüquqları” üzrə İşçi Qrupu tərəfindən müxtəlif vaxtlarda müvafiq dövlət qurumları iştirakı ilə əlilliyi olan şəxslərin hüquqları, biznes strukturlarında həmkarlar ittifaqlarının rolu, korporativ sosial məsuliyyət, sahibkarların maraqlarının müdafiəsi məsələlərinə dair geniş müzakirələr aparılmış, irəli sürülmüş təkliflər aidiyyəti səlahiyyətli qurumlara təqdim edilmişdir.
1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi

 

 

Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi. Azərbaycan Respublikasına qarşı işğalçılıq və terrorçuluq siyasətinin davam etdirilməsi nəticəsində bir milyondan çox insanın beynəlxalq hüquqla tanınmış bir çox hüquq və azadlıqları pozulmaqda davam edir. Beynəlxalq qurumların, dünya ictimaiyyətinin gözü önündə hadisələrə qərəzli mövqedən yanaşma nəticəsində Ermənistan Respublikası hələ də ölkəmizin ərazi bütövlüyünü tanıyan, BMT tərəfindən qəbul olunmuş 4 məlum qətnamənin tələblərini indiyədək yerinə yetirmir, dünya birliyinin bərabərhüquqlu üzvü olan suveren Azərbaycan Respublikasına qarşı işğalçılıq və terrorçuluq siyasətini davam etdirir.
2015-ci ildə 49 min ailə və ya 243 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmış, bu məqsədlə 5 yeni yaşayış kompleksi salınmış, 5 məktəb inşa edilmiş, həmçinin 3 uşaq bağçası, 3 tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Bununla belə, 120 mindən çox məcburi köçkün hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda, sağlamlıq düşərgələrində və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və bir çox sosial problemlərlə üzləşirlər. 
Müvəkkil daim məcburi köçkünlərin qayğıları ilə maraqlanmış, onların problemləri ilə yerində tanış olmuşdur. Qaçqın və məcburi köçkünlərdən mülkiyyət, əmək, sosial təminat, sağlamlıq, təhsil hüququ və digər məsələlərlə bağlı 829 müraciət daxil olmuş, araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə müraciətlər edilmiş, mənzil-məişət, əmək və işsizlik problemlərinin həlli üzrə tədbirlər görülmüşdür.
Məcburi köçkünlər tərəfindən xüsusilə Bakı şəhərində zəbt edilmiş ev, mənzil və digər tikililərin sahiblərinin pozulmuş hüquqlarının bərpası məqsədilə həmin məcburi köçkün ailələrinin onlar üçün yeni tikilən binalara köçürülməsi məqsədəuyğundur.
Müvəkkil Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumları ilə yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının (BMT QAK) və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığa xüsusi önəm vermişdir. Bu sahədə çalışan dövlət qulluqçuları üçün geniş maarifləndirmə işi aparılmış, Biləsuvar, Cəlilabad, Astara, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında çalışan sərhədçilər, həmçinin hakimlər və yerli hüquq-mühafizə orqanlarının nümayəndələri üçün silsilə regional təlimlər keçirilmişdir.
Dövlət Miqrasiya Xidmətinin, Müvəkkilin və BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində “Vətəndaşsızlığın aradan qaldırılması və qarşısının alınması” mövzusunda konfrans keçirilmişdir. Konfransın məqsədi vətəndaşlığı olmayan şəxslərin hüquqlarına layiqli hörməti təmin etməklə, vətəndaşsızlıq hallarının aşkar edilməsi, qarşısının alınması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın müzakirəsindən ibarət olmuşdur.
Respublikamızın Xocalı şəhərində törədilmiş soyqırım, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı Müvəkkil bəyanatlar vermiş, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan Ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına ünvanlamışdır.
Müvəkkilin və əməkdaşlarının xarici ölkələrə işgüzar səfərləri zamanı bütün beynəlxalq tədbirlərdə xalqımızın üzləşdiyi bu faciələri özündə əks etdirən çoxsaylı ədəbiyyat, bəyanatlar və disklər paylanmışdır.
2015-ci ildə miqrantların hüquqlarının müdafiəsi məsələləri Müvəkkilin diqqətində olmuş, miqrantların hüquqlarının müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr irəli sürülmüş və aidiyyəti qurumlara göndərilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər layihəsinə və “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Miqrasiya Məcəlləsinə əlavələr edilməsi məqsədilə müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmiş və onların əksəriyyəti nəzərə alınmışdır. 
Müvəkkilin təklifləri nəzərə alınmaqla Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin yaşayış otaqlarında daxili intizam qaydaları, mərkəzlərdə yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, icazə verilən əşya və ərzaqların siyahısı və s. zəruri məlumatları əks etdirən löhvələr asılmışdır.
Müraciətlərin araşdırılması zamanı ölkədən getmək hüququnun əsassız olaraq məhdudlaşdırılmasının qarşısı alınmış, bəzi hallarda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının etibarsız sənədlərlə yaşaması və ya olduqları ölkədə şəxsiyyətlərini təsdiq edən sənədlərinin itirilməsi ilə əlaqədar onlara qayıdış şəhadətnamələrinin verilməsi sürətləndirilmiş, bir sıra hallarda bərəsində inzibati qaydada ölkə hüdudlarından çıxarılma haqqında qəbul edilmiş qərar ləğv edilmiş və əcnəbinin Azərbaycan Respublikasına girişinə icazə verilməsi təmin edilmiş, müxtəlif vaxtlarda ölkəmizdə sənədsiz yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qısa vaxt ərzində müvafiq sənədlə təmin edilərək öz ölkələrinə qayıtmaları təmin edilmişdir.

 

 

Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi. Bu şəxslərin cəmiyyətə reinteqrasiyasının uğurlu olması onların hüquqlarının təmin edilməsi səviyyəsi ilə yanaşı, qoyulmuş məhdudiyyətlərin qanunun və beynəlxalq normaların tələblərinə uyğun olmasından asılıdır.
2015-ci ildə də həm penitensiar sistemin, həm də daxili işlər orqanlarının müvəqqəti saxlama və həbs yerlərinin təkmilləşdirilməsi, məhkumların və saxlanılan şəxslərin hüquqlarının qorunması və saxlanılma şəraitinin beynəlxalq standartlara uyğun qurulması üzrə ardıcıl tədbirlər görülmüş, penitensiar infrastrukturun müasirləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilmişdir.
Qeyd edilənlərlə yanaşı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2015-ci ildəki fəaliyyətinin yekunlarına əsasən, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər nəticəsində pozuntulara yol verən 322 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, 18 əməkdaş tutduğu vəzifədən azad olunmuş, 18 əməkdaş isə ədliyyə orqanlarından xaric edilmişdir.
Penitensiar müəssisələrdə saxlama şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən sıxlıq hallarına yol verilməməsi məqsədilə respublikanın regionlarında yeni penitensiar müəssisələrin tikintisinə diqqətin artırılması mühüm əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, Bakı şəhərində tikiləcək penitensiar müəssisələrin kompleksinə yeni müalicə müəssisəsinin inşası da daxildir ki, qeyd olunan müəssisələrin təmir-tikinti işlərinin sürətləndirilməsi zəruridir.
Müvəkkilin təşəbbüsləri sırasında, infrastruktur islahatları ilə yanaşı, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakı, qanunçuluq, obyektivlik, şəffaflıq, qərəzsizlik, eyni zamanda məhkumlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin gücləndirilməsi prinsiplərinin də təbliği yer almışdır.
Müvəkkilin fəaliyyəti çərçivəsində MPQ-nin üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə və hauptvaxtlara müntəzəm, o cümlədən təsdiq olunmuş plan üzrə, həmçinin Müvəkkilə ünvanlanmış, habelə qaynar xəttə daxil olmuş müraciətlər əsasında plandankənar başçəkmələr həyata keçirilmiş, bu şəxslərə, habelə həmin müəssisələrin əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Başçəkmələrin yekunu olaraq həbs yerlərinin daxil olduğu müvafiq qurumlara təklif və tövsiyələr verilmiş, təkliflərin həyata keçirilməsi isə növbəti başçəkmələr zamanı monitorinq olunmuş, ehtiyac duyulan əlavə tövsiyələr verilmişdir. 
Məhkumların saxlanılma şəraitinin və onlara qarşı rəftar məsələlərinin araşdırılması məqsədilə Müvəkkil və aparatın əməkdaşları mütəmadi olaraq penitensiar xidmətin müəssisələrində olmuş, müəssisələrin yataqxanalarına, tibb-sanitar hissələrinə, yeməkxanalara, kitabxana və klublara baxışlar keçirmiş, müəssisələrdə saxlanılan şəxslərlə və məhkumlarla görüşmüş, onların qaldırdıqları məsələlər yerində araşdırılmışdır. 
Baxışlar zamanı məhkumların saxlanma şəraitinə və pis rəftara məruz qalmamasına xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı seçki hüququnun, vicdan, əqidə və dini azadlıqlarının təmin edilməsi, sağlamlıqlarının qorunması vəziyyəti yoxlanılmışdır.
Məhkumlar Müvəkkilin ünvanına sosial təminat, ailə məsələləri, sağlamlıq hüququnun təmini, ekstradisiya, cəzaçəkmə müəssisələrində rəftar, saxlama şəraiti və digər məsələlərlə bağlı müraciətlər də etmiş, həmin müraciətlər araşdırılmış və Müvəkkilin müdaxiləsi nəticəsində qanunvericiliklə müəyyən edilmiş qaydada öz həllini tapmışdır.
Məhkumların və onların ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, müxtəlif vaxtlarda Müvəkkil Azərbaycan Respublikası Prezidentinin yanında Əfv məsələləri komissiyasına müraciətlər etmiş, əfvlə bağlı çoxsaylı vəsatətlər qaldırmışdır.
Əsası Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 10 amnistiya aktı qəbul olunmuş, 60 əfv fərman və sərəncamları imzalanmış, minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmuşlar. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2015-ci il 18 mart və 28 dekabr tarixli sərəncamları da təqdirəlayiqdir.
Fəaliyyəti dövründə Müvəkkilin vəsatəti ilə ümumilikdə 493, 2015-ci ildə isə 38 məhkum əfv edilmişdir.
Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının daha da təkmilləşdirilməsi və səmərəli təmin edilməsi məqsədilə Müvəkkil yuvenal ədliyyə sisteminin yaradılmasını və müvafiq qanunun qəbul edilməsinin sürətləndirilməsini, həbs yerlərində saxlanılan şəxslərin və məhkumların saxlanılması üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin artırılmasını (o cümlədən  qidalanma, tibbi yardım və dərman preparatları ilə təminatı), məhkumların fiziki iş qüvvəsinin sağlam əməyə istiqamətləndirilməsi yolu ilə islah edilməsinin əhəmiyyəti nəzərə alınaraq, onların ictimai faydalı əməyə cəlb edilməsi üçün yeni istehsalat sahələrinin yaradılmasını, cəzasını çəkmiş və cəzaçəkmə müəssisəsindən buraxılmış, lakin daimi yaşayış yeri olmayan məhkumlar üçün sığınacağın və resurs mərkəzinin yaradılması, məşğulluq probleminin həlli üzrə mexanizmin hazırlanmasını, Müalicə Müəssisəsinin, 2 saylı istintaq təcridxanasının və Həbsxanasının yeni binalarının tikintisinin sürətləndirilməsini, cəzaları icra edən orqanların işçiləri üçün mütəmadi olaraq treninq proqramlarının və təlimlərin təşkil edilməsini, məhkumlar üçün hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsini təklif etmişdir.
Təşəbbüslər sırasında çətin tərbiyə olunan və qanunla münaqişədə olan yeniyetmələrin sosial adaptasiyası, hüquq pozuntusu törətmiş şəxslərə tətbiq olunan tədbirlərin sosial inkluziyası, sosial və psixoloji xidmətlərin gücləndirilməsi, eləcə də cəmiyyətdə hüquq pozuntularının qarşısının alınması istiqamətində profilaktik tədbirlər, çətinliklərin aradan qaldırılması qarşıda duran məsələlərdəndir.
Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanunu ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün məhkumluğun ödənilməsi müddətləri qısaldılmışdır ki, bu da ölkə Prezidentinin humanist siyasətinin, habelə uşaqlara olan diqqət və qayğısının bariz nümunəsidir. Həmin Məcəllənin 92-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın çəkilib qurtardığı gündən altı ay, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.
Təqsirləndirilən şəxsə münasibətdə həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməsi və bu qətimkan tədbirinin müddətinin bir neçə dəfə uzadılması istintaq təcridxanalarında sıxlığın yaranmasına, saxlama şəraiti ilə bağlı çətinliklərə, yetkinlik yaşına çatmayanlar arasında isə kriminal davranışa meylliyin artmasına gətirib çıxarır. Bu isə alternativ cəza tədbirlərinin geniş tətbiqi zərurətini önə çəkir.

 

 

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi. Ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər silahlı birləşmələrin döyüş qabiliyyətini artırmaq, hərbi qulluğun nüfuzunu qaldırmaq baxımından hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, o cümlədən sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin və tibbi-sanatoriya xidmətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir.
Ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi ən ümdə vəzifə kimi gündəmdə qalmaqdadır. Bu məqsədlə 2015-ci ildə dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində və ya 2014-cü illə müqayisədə 2,7 faiz çox vəsait ayrılmışdır. Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə Prezidentinin müvafiq qərarı ilə Silahlı Qüvvələrdə 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara ümumilikdə 744 mənzil verilmişdir. 
Hərbi hissələrin məişət şəraitinin daha da yaxşılaşdırılması, hərbi qulluqçuların təsərrüfat işlərindən kənarlaşdırılması və bu işlərə mülki şəxslərin cəlb edilməsi hərbi qulluqçular, onların valideynləri və ümumilikdə vətəndaşlar tərəfindən razılıqla qarşılanmışdır. Bu islahatlar hərbi qulluqçular arasında nizamnamədənkənar münasibətlərin qarşısının alınmasında, döyüş hazırlığına ayrılmış vaxtın daha səmərəli istifadə edilməsində və mülki vətəndaşların işlə təmin olunmasında çox əhəmiyyətlidir. 
Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən ünvanlanmış hərbi xidmətlə bağlı müraciətlərin təhlili, eləcə də hərbi hissələrdə şəxsi heyətlə görüşlərin nəticələri onu deməyə əsas verir ki, orduda müsbət istiqamətdə köklü dəyişikliklər edilmiş, yüksək döyüş hazırlığı üçün zəruri olan şəraitin təmin edilməsi məqsədilə mühüm həyata keçirilmiş tədbirlər yüksək templə davam etdirilməkdədir.
Müraciətlərin təhlili göstərir ki, istifadə edilməmiş məzuniyyətə görə və müvəqqəti mənzil kirayəsi üçün hərbi qulluqçulara pul kompensasiyasının verilməsi, müqavilə müddəti başa çatsa da hərbi qulluqçuların ordudan tərxis olunmalarının gecikdirilməsi, yerli icra hakimiyyəti orqanları tərəfindən bəzən qanunla müharibə veteranlarına və əlillərinə, şəhid ailələrinə şamil edilən güzəştlərin lazımi səviyyədə təmin edilməməsi, habelə istefaya çıxmış hərbi qulluqçuların problemlərinin həllində biganəlik göstərilməsi, o cümlədən mənzil təminatı, habelə mənzil kirayəsi ilə bağlı ödənilməli olan pul kompensasiyasının vaxtlı-vaxtında ödənilməməsi, sağlamlığın qorunması sahəsində problemlərlə, Müdafiə Nazirliyinin Mərkəzi arxivindən müvafiq arayışların alınmasında çətinliklərlə bağlı müraciətlər çoxluq təşkil etmişdir. 
Bəzi çağırışçılar və hərbi qulluqçuların sağlamlıq vəziyyətinin yoxlanılmasında müəyyən problemlərə, habelə hərbi əməliyyatlarla bağlı olmayan ölüm və xəsarət alma hallarının olması, hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarının pozulması kimi hallara da rast gəlinməkdədir. Əsgərlər arasında döyüş tapşırıqlarının icrası ilə bağlı olmayan ölüm və yaralanma hallarının baş verməməsi üçün hərbi hissələrdə şəxsi heyətlə tərbiyəvi işin təşkilinə və hadisə baş verən zaman xidmət yerində cavabdeh olan şəxslərə qarşı tələbkarlığın gücləndirilməsi zəruridir.
Müqavilə üzrə xidmət müddətinin başa çatmasına baxmayaraq, hərbi qulluqçuların hərbi xidmətdən ehtiyata vaxtında buraxılmaması da şikayətlərdə öz əksini tapmışdır.
«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə («Xidmət yerini dəyişdirmək hüququ») əsasən, hərbi qulluqçunun özünün və ya ailə üzvlərinin səhhətinə, xüsusi şəraitli yerlərdə xidmət üçün Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına, ailə vəziyyətinə görə xidmət yerini dəyişdirmək hüququ olsa da, bəzən hərbi qulluqçular bu hüquqdan yetərincə yararlana bilmirlər.
İstifadə edilməmiş məzuniyyətlərə görə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyanın verilməsində mövcud olan problemlər, hətta bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarlarının icra ediməməsi hərbi qulluqçuların haqlı narazılıqlarına, Müvəkkilə və digər dövlət qurumlarına şikayətlərin ünvanlanmasına səbəb olmuşdur.
Bir sıra ehtiyatda olan hərbi qulluqçuların əvvəllər xidmət etdikləri, lakin sonradan ləğv edilmiş qurumların adı Nazirlər Kabinetinin 2014-cü il 26 dekabr tarixli, 399 nömrəli Qərarında göstərilmədiyi üçün onların istifadə olunmamış məzuniyyətin əvəzində pul kompensasiyasını hansı qurumdan və hansı qaydada alması məsələsi hələ də öz həllini tapmamışdır.
Təhlillər göstərir ki, hərbi qulluqçular, xüsusilə də ehtiyatda və istefada olan hərbi qulluqçular tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanlanmış müraciətlərin cavablandırılmaması, gecikdirilməsi, süründürməçiliyə yol verilməsi vətəndaşların bir sıra hüquqlarının gerçəkləşməsinə və ya onlardan yetərincə istifadə edilməsinə imkan verməmişdir. Belə halların çoxluq təşkil etməsi problem kimi Müvəkkilin ötən illərdəki məruzələrində də göstərilmişdir. Bu şikayətlər üzrə araşdırmalar aparılmış və pozulmuş hüquqların bərpasına nail olunmuş, ərizəçilərə arxiv arayışı verilmişdir.
Tərtib edilmiş plan əsasında aparatın əməkdaşları Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının əməkdaşları ilə birlikə bu qurumların hərbi hissə və müəssisələrində baxışlar, eyni zamanda şəxsi heyətlə hüquqi maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə 2015-ci ildə ümumilikdə 28 hərbi hissədə, o cümlədən intizam xarakterli hərbi hissədə görüşlər və maarifləndirmə tədbirləri həyata keçirmişlər. Qeyd edilməlidir ki, belə tədbirlərin keçirilməsi hərbi qulluqçuların hüquq və azadlıqlarının müdafiəsi, orduda ideoloji, hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin, həmçinin şəxsi heyətin döyüş əzminin, psixoloji durumunun, Vətənə sədaqət və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Görüşlər zamanı mövcud şikayətlər yerində araşdırılmış, hərbi qulluqçuların sualları cavablandırılmışdır. Müəyyən olunmuş çatışmazlıqların və bunu doğuran səbəblərin aradan qaldırılması ilə bağlı hərbi hissə komandanlığına və müəssisə rəhbərliyinə tövsiyələr verilmiş, aidiyyəti yuxarı orqanlara müraciətlər edilmişdir. 
Nizamnamədənkənar münasibətlərə son qoyulmasına, həmçinin şəxsi heyətin hüquqi biliklərinin artırılmasına yönəlmiş tədbirlərin məzmunu genişləndirilməli, sayı artırılmalıdır. Belə tədbirlərin həyata keçirilməsi işinə hərbi hüquqşünasların, nüfuzlu ictimai xadimlərin, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin cəlb edilməsi məqsədəmüvafiqdir.
Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi. Qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpası sahəsində işlər davam etdirilmiş, qadın hüquqlarının təmini vəziyyəti təhlil olunmuş, cari problemlərin həlli və qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamışdır.
Gender balansına, bərabər səlahiyyətlər əsasında ictimai həyatın bütün sahələrində, xüsusilə də qərar qəbuletmə və siyasətin işlənib hazırlanması işində qadınların tam iştirakı və təşəbbüslərinin artırılması məqsədilə Müvəkkil yerli və mərkəzi icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalarla əməkdaşlıq edir, mövcud problemlərin həlli istiqamətində tədbirlər təşkil edir.
Müvəkkilin təkliflərinin böyük əksəriyyətinin də öz əksini tapdığı Milli Fəaliyyət Proqramında, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş tədbirlər də icra edilməkdədir.
Müvəkkil və aparatın əməkdaşları tərəfindən vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə bölgələrdə, ucqar rayon və kəndlərdə yaşayan qadınlar üçün gender bərabərliyi, müxtəlif dövlət və ictimai idarəetmə səviyyələrində qərarların hazırlanmasında və qəbul edilməsində qadınların iştirakının vacibliyi, qərarların qəbul edilməsi sahəsində gender bərabərliyinə nail olmaq üçün konkret səylərin göstərilməsi, qadınların seçkilərdə fəallığı, qadın sahibkarlığı, məişət zorakılığı, reproduktiv sağlamlıq, insan alveri və erkən nikahlar mövzusunda maarifləndirici seminar və məşğələlər keçirilmişdir. İntensiv maarifləndirmə işinin nəticəsi olaraq, yüzlərlə qadın öz hüquqları barədə biliklər əldə etmiş, müraciətləri əsasında onlara təmənnasız hüquqi yardım göstərilmişdir. 
Qeyd edilməlidir ki, qadınların fəallığının artırılması məqsədilə regionlarda treninqlərin keçirilməsi, lider qadınların hazırlanması üzrə tədbirlərin təşkil edilməsi ilə yanaşı, qadın sahibkarlara maliyyə və təşkilati dəstəyin verilməsi də vacibdir.
Müvəkkil qadın hüquqlarını özündə ehtiva edən, əsas beynəlxalq sənədlərdən olan və 20 illiyi qeyd olunan Pekin Fəaliyyət Platformasının 12 prioritet istiqaməti üzrə fəaliyyət davam etdirilmişdir. Həmin platformanın müddəalarına əsasən hazırlanan mühazirə və çıxışlar, “Gender nəzəriyyəsinə giriş” adlı geniş həcmli vəsaitin, o cümlədən Bakı Dövlət Universitetinin hüquq və digər fakültələrində eyni adlı fənnin tədrisi gender anlayışının təbliğinə, gender nəzəriyyəsinə yeni yanaşmaların formalaşmasına, gender münasibətlərinin təkmilləşməsinə və perspektiv inkişafına xidmət etməkdədir. 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Ədliyyə Akademiyasında, Əmək və Sosial Münasibətlər Akademiyasında gender siyasəti üzrə məsul şəxslər və həmkarlar təşkilatlarının fəalları üçün insan hüquqları və gender probleminin müasir aspektləri üzrə məruzələr oxunmuşdur. 
Xüsusi narahatlıqla qeyd edilməlidir ki, erkən nikah halları problem olaraq qalmaqdadır. Bu vəziyyət fiziki, əqli, psixoloji və emosional təsirə malik olmaqla, qızları təhsil almaq imkanlarından məhrum etməklə yanaşı, onların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırır. Erkən hamiləliyə və doğuşa səbəb olan belə nikahlar əksər hallarda ana və uşaqların sağlamlığı üçün təhlükələr yaradır. 
Müvəkkilin fəaliyyətində qadın məhkumların hüquqlarının müdafiəsi də mühüm yer tutmuş, qadınlar üçün nəzərdə tutulmuş cəzaşəkmə müəssisəsinə müntəzəm olaraq baxışlar, saxlanılan şəxslərlə görüşlər keçirilmiş, 150-dən çox məhkum qadın fərdi qaydada dinlənilmiş, 52 nəfər öz xahişi ilə təkbətək qəbul edilmiş, müraciətlərinə baxılmışdır.
Zorakılığa səbəb olan halların aradan qaldırılması və ona qarşı mübarizə daim diqqətdə saxlanılmış, müxtəlif tədbirlər təşkil edilmiş, aparatın əməkdaşları ölkəmizdə qadın hüquqlarına, o cümlədən  məişət zorakılığına qarşı mübarizəyə həsr olunmuş çox saylı yerli və beynəlxlaq tədbirlərdə iştirak edərək, Müvəkkilin müvafiq sahədə apardığı işlər barədə məlumat vermiş, eyni zamanda qanunvericiliyin və institutlaşma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür. 
Zorakılıq qurbanı olan, sarsıntılar keçirən şəxslərə dəstək verilməsi və psixoloji yardımlar göstərilməsi məqsədilə onların resurs mərkəzlərinə yerləşdirilməsi, belə şəxslərə xidmət üçün sosial işçilərin və psixoloqların hazırlanması zəruridir.
BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün “Dayanıqlı İnkişaf Məqsədləri”nin 5-ci məqsədinin məhz gender bərabərliyinə nail olmaq və bütün qadın və qızların səlahiyyətlərinin artırılmasıdır. Bu baxımdan Müvəkkil “Gender zorakılığı zəminində yaranan mübahisələrin təhlili və zorakılığa məruz qalmış şəxslərə yardımın göstərilməsi sahəsində Milli Strategiya və Fəaliyyət Planı”nın layihəsi hazırlanarkən, qeyd olunan milli və beynəlxalq əhəmiyyətli sənədlərdən irəli gələn müddəaların nəzərə alınmasını tövsiyə etmişdir.
Müvəkkilin bir sıra təklifləri Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin gerçəkləşdirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanmaqda olan “Gender zorakılığı zəminində yaranan mübahisələrin təhlili və zorakılığa məruz qalmış şəxslərə yardımın göstərilməsi sahəsində Milli Strategiya və Fəaliyyət Planı”nın layihəsinə də daxil edilmişdir. Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” və ölkəmiz tərəfindən 2008-ci il 17 noyabr tarixində imzalanmış “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” konvensiyalarının ratifikasiyası prosesinin sürətləndirilməsi, “Aliment Fondu”nun yaradılması və s. təkliflər bu qəbildəndir.
Müvəkkilin təşəbbüsü və BMT-nin Əhali Fondu ilə əməkdaşlıqda Сəlilabad rayonunda “11 iyul – Ümumdünya əhali günü” ilə bağlı keçirilmiş konfransda ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, qadınların istənilən zaman, arzuolunan sayda sağlam uşaqlar dünyaya gətirməsi, ana və uşaqlar arasında xəstəlik və ölüm hallarının azaldılması, təhlükəsiz analığın təmin edilməsi məsələləri diqqət mərkəzində olmuşdur.
Müvəkkilin dəstəyi ilə Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində yaradılmış, ahıl qadınların ilk və müntəzəm fəaliyyət göstərən birliyi olan Ahılların Resurs Mərkəzi ilə də əməkdaşlıqda ahıl, tənha və məhkum qadınlara ünvanlanan hüquqi maarifləndirmə, əbədi-bədii, musiqili tədbirlər keçirilmiş, onların reabilitasiyasına diqqət yetirilmişdir.
Müvəkkil və təsisatın əməkdaşları qadın hüquqları sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təsisatın təcrübəsini bölüşmək məqsədilə beynəlxalq tədbirlərdə iştirak etmiş, bəyanatlarla çıxış etmişlər.
BMT-nin saziş qurumları ilə əməkdaşlıq əlaqələrini davam edən Müvəkkil BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv olunması Komitəsinə hökumətin növbəti hesabatına əlavə hesabatını göndərmişdir. Həmin hesabatda Müvəkkil qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı ölkədə görülən işlərlə yanaşı, bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər də irəli sürmüşdür.
Müvəkkil BMT-nin Əhali Fondu ilə birlikdə ölkəmizdə “Cinsi və Reproduktiv Sağlamlıq və hüquqlar (CRSH)” üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin təhlili ilə bağlı tədqiqat həyata keçirmişdir. Hazırlanmış hesabat Azərbaycanda müstəsna olaraq həmin saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin təhlilinə həsr olumuş ilk qiymətləndirmənin nəticələrini əks etdirir.
BMT-nin İnsan Hüquqları Şurasının 29-cu sessiyasında Müvəkkil tərəfindən yayımlanan yazılı bəyanatda qadınlara qarşı zorakılığın aradan qaldırılmasına və qarşısının alınmasına dair təkilflər səsləndirilmişdir.

 

 

Uşaq hüquqlarının müdafiəsi. Uşaq hüquqlarının pozulması ilə bağlı şikayətlərin araşdırılması və pozulmuş hüquqların bərpası, uşaqların vəziyyətinin öyrənilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə və uşaqların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təkliflərin hazırlanması, habelə uşaq hüquqları sahəsində maarifləndirmə və təşviqat yönümündə işlər davam etdirilmişdir.
Uşaq hüquqları ilə bağlı 550 müraciət daxil olmuşdur. Həmin müraciətlərlə yanaşı, uşaqların hüquqları pozulduqda təxirə salınmadan Müvəkkilə müraciət edilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə təsisatda 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xəttə daxil olan 122 zənglə bağlı dərhal tədbirlər görülmüş, zəruri hallarda yerində araşdırmalar aparılmışdır.
Qaynar xəttə təhsil hüququnun pozulması, müalicə, yaşayış yeri ilə təmin olunma, ünvanlı sosial yardımın verilməməsi, alimentlə bağlı məhkəmə qərarlarının icra edilməməsi və digər məsələlərlə bağlı daxil olmuş müraciətlər üzrə hüquqi məsləhətlər verilmiş, araşdırmalar aparılmış və dövlət qurumları ilə əməkdaşlıqda tədbirlər görülmüşdür.
Müvəkkil tərəfindən ölkənin müxtəlif rayonlarında yerli icra hakimiyyətlərinin, o cümlədən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, məhkəmə, prokurorluq, polis, təhsil və səhiyyə orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin, uşaq müəssisələrində işləyən tərbiyəçilərin və uşaqların iştirakı ilə «Ümumdünya İnsan Hüquqları Bəyannaməsi», «Uşaq Hüquqları  Konvensiyası» və «Azərbaycanda uşaq hüquqlarının müdafiəsi» mövzularında silsilə təlimlər keçirilmişdir.
Uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının daha effektiv müdafiəsi məqsədilə Müvəkkil tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmiş, aylıq çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, vətəndaç cəmiyyəti təsisatlarına müraciətlər edilmişdir.
Aylıq çərçivəsində görülən işlərlə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən Müvəkkilə ünvanlanmış arayışların təhlili göstərmişdir ki, uşaq problemlərinin araşdırılaraq həlli, onların sağlamlıq vəziyyətinin yoxlanılması, maarifləndirmənin təşkili, çoxsaylı müsabiqələrin keçirilməsi üzrə tədbirlər görülmüşdür. Həmin tədbirlərin uşaqların dünya görüşünün genişlənməsinə, bilik və bacarıqlarının artırmasına, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, uşaq hüquqlarına dair dolğun məlumat almalarına, vətənpərvərlik ruhunda layiqli vətəndaş kimi formalaşmalarına təkan vermişdir.
Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta məktəblərdə artıq 2009-2010-cu tədris ilindən etibarən uğurla həyata keçirilən uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda üsulu ilə pilləli tədris proqramı Bakı şəhərinin hər rayonu üzrə bir, respublikanın Zaqatala, Balakən, Samux, Şəmkir, Masallı, Astara, Xaçmaz və Quba rayonlarının hərəsindən bir orta məktəbdə davam etdirilmişdir. Ümumilikdə bu layihəyə 110-dan çox məktəb cəlb edilmiş, Müvəkkil tərəfindən 6350-dən artıq şagirdə sertifikat verilmiş, 500-dən çox müəllim və direktor təşəkkürnamə almışdır.  
Müvəkkilin təşəbbüsü ilə respublikanın regionlarında və hətta kənd məktəblərində həyata keçirilən bu təcrübə yüksək dəyərləndirilmiş, həmin təhsil ocaqlarında uşaq hüquqlarının tədrisi mərkəzləri yaradılmış, müvafiq tədris vəsaitləri əsasında uşaqlara ünvanlanan hüquqi təhsil inkişaf etdirilməklə Azərbaycan modeli formalaşdırılmışdır. 
Müvəkkil məktəbdənkənar müəssisələrin inkişafını dəstəkləmiş, uşaqların bacarıqlarının və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şəraitin yaradılması, onların istirahətinin, asudə vaxtının səmərəli təşkili üzrə bir sıra təkliflər vermişdir.
Uşaqların hüquqi biliklərinin inkişaf etdirilməsi, onların yaradıcılıq bacarıqlarının üzə çıxarılması məqsədilə hər il olduğu kimi, 2015-ci ildə də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq uşaqlar arasında  “10 dekabr - Beynəlxalq insan hüquqları günü” münasibətilə «Mən və hüquqlarım» mövzusunda rəsm müsabiqələri təşkil edilmiş, qalib uşaqlara sertifikatlar və hədiyyələr verilmişdir. 
Müvəkkil Təhsil Nazirliyinə fənn müəllimləri üçün ixtisasartırma təhsili proqramlarına və müvafiq təlimlərin məzmununa uşaq hüquqları ilə bağlı modulların daxil edilməsini təklif etmiş və həmin təşəbbüs dəstəklənmişdir.
Uşaqların sağlamlıq hüququnun təmin edilməsi ilə bağlı müraciətlər də araşdırılmış, Müvəkkilin müraciətləri əsasında uşaqların dövlət hesabına pulsuz müayinə və müalicəsinə, dərman preparatları ilə təmin olunmasına köməklik göstərilmişdir.
Ana və uşaq ölümləri, cərrahi göstəriş olmadan qeysəriyyə əməliyyatının aparılması ciddi narahatlıq doğurur və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir.
Bəzi məktəblərdə tibb məntəqəsinin və psixoloqun olmaması uşaqların sağlamlığına mənfi təsir göstərir, müxtəlif fəsadların yaranmasına səbəb olur.
Nazirlər Kabinetinin 2015-ci il 1 dekabr tarixli, 370 nömrəli qərarı ilə təsdiq edilmiş, bütün uşaqların peyvəndlərlə vaxtında və tam əhatə olunmasını, immunlaşdırma tədbirlərinin təhlükəsizliyinin təmin edilməsini və keyfiyyətinin artırılmasını, bu tədbirlərin monitorinqinin təmin olunmasını və davamlı maliyyələşdirilməsini, keyfiyyətli peyvənd materialları və avadanlıqla təchizatın yaxşılaşdırılmasını və digər tədbirlərin icrasını nəzərdə tutan “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” da olduqca əhəmiyyətlidir. 
Cinsi selektiv abortların olması və bunun nəticəsində doğulan uşaqların cins nisbətinin pozulması narahatlıq doğurur. Problemin həlli məqsədilə təcili zəruri tədbirlər həyata keçirilməli, ailə planlaşdırılması ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Milli Məclisdə müzakirə olunan “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi isə bu sahədə mövcud problemlərin həllində yardımçı olacaqdır. 
Orta məktəblərdə uşaq və yeniyetmələrin siqaretdən, narkotik vasitələrdən istifadə etməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulduğu kimi uşaqlara spirtli içkilərin və tütün məmulatlarının satılmamasına aidiyyəti qurumlar və cəmiyyət tərəfindən nəzarətin gücləndirilməsi vacibdir. 
UNİCEF-lə imzalanmış Birgə İş Planına əsasən həyata keçirilən proqram çərçivəsində Gəncə, Şəki, Quba və Cəlilabadda yerli icra hakimiyyəti orqanlarının, o cümlədən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların, hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, sosial müdafiə mərkəzlərinin, bələdiyyələrin, vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin, uşaq müəssisələrində işləyən tərbiyəçilərin iştirakı ilə “Azərbaycanda uşaq hüquqlarının müdafiə mexanizmləri: çətinliklər və həlli yolları” mövzusunda təlimlər keçirilmiş, iştirakçılara uşaqların hüquq və vəzifələri, məsuliyyəti, Müvəkkilin uşaq hüquqları sahəsində fəaliyyəti, uşaq hüquqlarının müdafiəsi mexanizmləri ilə bağlı məlumatlar verilmiş və müzakirələr keçirilmişdir.
Uşaqların zorakılıqdan müdafiəsi məqsədilə ölkəmiz tərəfindən 2008-ci ildə imzalanmış Avropa Şurasının “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair” Konvensiyasının ratifikasiyası və Müvəkkil tərəfindən UNİCEF-in dəstəyilə hazırlanaraq 2009-cu ildə Milli Məclisə təqdim edilmiş «Uşaqların cismani cəzadan müdafiəsi haqqında» qanunun qəbul olunması olduqca zəruridir. 
Qanunla ziddiyyətdə olan uşaqların hüquqlarının və qanuni maraqlarının müdafiəsi məqsədilə “Yuvenal ədliyyə haqqında” qanunun qəbul edilməsi, bu məqsədlə struktur islahatların aparılması, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əsasnaməsinin və fəaliyyətinin təkmilləşdirilməsi, sosial işçilər və psixoloqların hazırlanması böyük zərurətə çevrilmişdir. 
Təəssüf ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də uşaqlar müəyyən səbəblərdən müxtəlif növ zorakılıqlara məruz qalırlar. Bir çox hallarda, valideynlər tərəfindən yuxarı siniflərdə oxuyan qız uşaqlarının dərsə buraxılmaması, nikah rəsmiləşdirmədən erkən yaşlarda öz iradəsinə zidd olaraq zorla ailə qurmağa məcbur edilməsi kimi hallar ciddi narahatlıq doğurur.
Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində (AUGSŞ) və onun nəzdində “Azərbaycan Yurdum Mənim” devizi ilə fəaliyyət göstərən “Liderlik məktəbi”ndə müntəzəm olaraq uşaqların iştirakı ilə Uşaq hüquqları konvensiyasının müddəalarına əsaslanan treninqlər, vətənpərvərlik ruhunda maarifləndirmə tədbirləri keçirilmiş, şəbəkə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə muzeylərə, tarixi yerlərə səfərlər təşkil edilmişdir.
AUGSŞ Dövlət Neft Şirkətinin Xəzər rayonunun Qala qəsəbəsində yerləşən “Eko-park”ında 22 aprel “Beynəlxalq yer günü”, 22 may “Beynəlxalq bioloji müxtəliflik günü”, 5 iyun “Ətraf mühitin mühafizəsi günü” münasibəti ilə gənc nəslin ekoloji davranışını və ekoloji hüquq normalarına münasibətini formalaşdırmağa maarifləndirmə tədbirləri və sərgilər keçirmişdir. 
Müvəkkil Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) üzvü kimi onun işində fəal iştirak etmişdir. Belə ki, ENOC-un təşkil etdiyi beynəlxalq Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin (ENYA) “Danışın gənclər, zorakılığa qarşı danışın!” layihəsi çərçivəsində 10-18 yaşlı uşaqlar arasından toplanmış qrupun üzvləri öz hüquqları barədə mətbuatda müvafiq yazılar dərc etdirmişlər. ENOC-a  üzv seçilmiş ölkələrdən yalnız on dövlətə bu mövzu üzrə film çəkmək təklif edilmişdir. Uğurlu fəaliyyəti ilə fərqlənən Azərbaycanın təqdim etdiyi və uşaqların iştirakı ilə hazırlanan film də bir çox ölkələrdə göstərilməsi üçün seçilmiş, nəticədə on iştirakçı ölkə üzrə filmlər ümumiləşdirilərək 50 dəqiqəlik sənədli film kimi təqdim edilmişdir. Həmin beynəlxalq layihənin iştirakçısı kimi AUGSŞ-nin 30 üzvünə ENOC tərəfindən sertifikat verilmişdir.
BMT-nin İnsan Hüquqları Şurası Universal Dövrü İcmal üzrə İşçi Qrupunun Azərbaycan üzrə 2013-cü il hesabatında (A/HRC/24/13) uşaq hüquqlarına dair bir sıra təkliflər, o cümlədən BMT-nin Uşaq hüquqları konvensiyasının şikayətlərin verilməsi mexanizmi ilə bağlı III Fakültativ Protokolunun imzalanması və ratifikasiya edilməsi tövsiyə edilmişdir. Müvəkkil bununla bağlı müvafiq quruma müraciət etmişdir.
Müvəkkilin uşaq hüquqlarının səmərəli təmin edilməsi istiqamətində ötən dövrlərdə irəli sürdüyü bir sıra təklif və tövsiyələr istər qanunvericilik aktlarının qəbulu, istərsə də cari icra prosesində öz həllini tapmışdır. Bu baxımdan, Milli Məclisin qərarı ilə “Ailə, qadın və uşaq məsələləri komitəsi”nin yaradılması xüsusi qeyd edilməlidir.

 

 

Ahılların hüquqlarının müdafiəsi. Ahılların hüquqlarının səmərəli təmin edilməsi məqsədilə səlahiyyətli dövlət qurumlarına təklif və tövsiyələrlə müraciətlər olunmuş, onların da bir qismi təmin edilmişdir.
Tənha ahılların vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlar barədə statistik məlumatların toplanması, ixtisaslı sosial işçilərin hazırlanması, sosial məsələlər üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, əhali arasında təbliğat işinin genişləndirilməsi, ahılların bilik və bacarıqlarından istifadə edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı dövlət qurumlarına təkliflər göndərilmişdir. 
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının 7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Müvəkkil və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair 2016-2020-ci illər üzrə Dövlət Proqramı”nın  layihəsi hazırlanmışdır. 
Əmək qabiliyyətli insanların böyük bir hissəsinin əmək bazarında rəqabətə davam gətirməsini təmin etmək üçün onların UNESCO-nun “Təhsil - hamı üçün!” proqramına əsaslanan “Yaşlıların təhsili” proqramı vasitəsi ilə yeni ixtisaslara yiyələnməsi məqsədəuyğundur. Bu baxımdan, “Yaşlıların təhsili” qanun layihəsi üzrə müzakirələrin bərpası və təkmilləşdirilərək qəbul edilməsi zəruridir.
Müvəkkilin Ahılların Resurs Mərkəzinin üzvləri Uşaq və Gənclərin Sülh Şəbəkəsinin yeniyetmələri və gəncləri arasında sağlam həyat tərzi, İİV/QİÇS, narkomaniya və alkoqolizm əleyhinə təbliğat işi aparırlar.
Müşahidələr göstərir ki, dövlət himayəsinə götürülən ahıllar qohum, qonşu və dostlarından uzaqlaşaraq yeni kollektivdə müəyyən qayda və rejimlə yaşamaq məcburiyyətində qaldıqları üçün bəzən yeni şəraitə çox çətin uyğunlaşırlar. Odur ki, bu müəssisələrdə psixoloji xidmətin yaradılması məqsədəuyğundur.
Müvəkkil və təsisatın əməkdaşları internat evlərində ahıl şəxslərin yaşayış şəraitini, problemlərini və onlara göstərilən tibbi xidmətin səviyyəsini, ahıllara qarşı rəftarı öyrənmək üçün baxaşlar həyata keçirmiş, müşahidə olunan nöqsanlarla bağlı aidiyyəti mərkəzi qurumlara müraciətlər edilmiş, təklif və tövsiyələr verilmişdir.
Ailələrdə pis rəftara məruz qalan ahıl və əlilliyi olan şəxslərin, həmçinin əlilliyi olan şəxslərin onlara qulluq edəcək əmək qabiliyyətli qohumlarının çətin şəraitdə yaşadığı nəzərə alınaraq, belə şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsi məqsədilə mövcud qaydalara dəyişikliklər edilməsi vacibdir.
Mübahisəli məsələlərdə ailələrdə barışdırıcı missiyanı həyata keçirmək üçün  ilkin mərhələdə bələdiyyələrin nəzdində “ailələrə mənəvi dəstək” layihəsinin həyata keçirilməsi, bu məqsədlə könüllülük prinsipi ilə işləmək arzusunda olan ziyalı ahılların potensialından  istifadə etmək lazımdır.
Ahıl qadın və kişilər üçün tibb xidmətlərinin və dərmanların qiymətlərinin əlçatan olması və tibbi sığorta məsələsinin həlli sürətləndirilməlidir.
Ahılların Resurs Mərkəzində “Beynəlxalq ahıllar günü” münasibətilə sentyabrın 15-dən oktyabrın 15-dək keçirilən “Ahıllar aylığı”nın yekun toplantısı keçirilmiş, ahıllar Azərbaycanın müxtəlif bölgələrinə, tarixi yerlərə, muzey və ziyarətgahlara səfərlər etmiş, teatr tamaşalarına baxmışlar. Aylıq çərçivəsində mərkəzin üzvləri “Sağlamlıq zonası” poliklinikası tərəfindən tibbi-diaqnostik müayinələrdən keçirilmiş, fizioterapiya və digər müalicələr almış, həmçinin davamlı səyyar tibbi xidmət həyata keçirilmişdir.
Müvəkkilin fəaliyyəti dövründə ahılların asılı təbəqə kimi qəbul edilməməsi, onların ailəyə, icmalara, cəmiyyətə verdiyi mühüm töhfələrin etiraf edilməsi, həvəsləndirilməsi və dəstəklənməsinin vacibliyi nəzərə alınaraq, siyasi, iqtisadi, sosial, mədəni həyatda və həyatı boyu təhsildə iştirakını təşviq edən broşur və lifletlər nəşr edilmiş, eyni zamanda hazırlanmaqda olan “Ahılların hüquqları üzrə bələdçi” adlı kitabda sağlam yaşlanmaya, ömürboyu təhsilə və ahılların hüquqi statusuna dair məsələlər öz əksini tapmışdır.

 

 

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi. Bu şəxslərin hüquqlarının müdafəsi ilə bağlı məsələlər diqqət mərkəzində olmuş, milli qanunvericilik bazasının əlilliyi olan şəxslərin hüquqlarının təmini baxımından təkmilləşdirilməsi və onların problemlərinin mümkün qədər həlli istiqamətində müxtəlif tədbirlər görülmüşdür. 
Müraciətlərə əsasən TSEK-lər tərəfindən 18 yaşadək üşaqlarda sağlamlıq imkabnları məhduduluğun müəyyən olunmasına, 18 yaşdan yuxarı şəxslərə isə əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərilməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sorğular göndərilmiş, müvafiq yoxlama tapşırıqları verilmiş və bir çox hallarda pozulmuş hüquqlar bərpa edilmişdir. Bununla yanaşı, bir sıra şəxslərin sanatoriya kurort müalicəsi, protez-ortopediya məmulatları və reabilitasiya vasitələri ilə təmin edilməsi sahəsində də zəruri işlər görülmüşdür.
Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli Qanunu ilə ratifikasiya edilmiş  BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il 13 dekabr tarixli Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi və milli qanunvericiliyin ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanmışdır.
Əvvəlki illik məruzələrdə də qeyd edildiyi kimi, Müvəkkil 2011-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsinə əsasən yaradılması nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarını yerinə yetirən milli insan hüquqları təsisatı qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 2011-ci il 14 may tarixli, 2/387 saylı məktubu ilə göstərilən funksiyaların həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsi Müvəkkilə tövsiyə edilmişdir. Xarici ölkə ombudsmanlarının bu sahədə təcrübəsi göstərir ki, həmin funksiya əsasən Paris Prinsiplərinə uyğun fəaliyyət göstərən milli insan hüquqları təsisatlarına həvalə edilir və səmərəli fəaliyyət göstərməsi üçün müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə təsisata əlavə səlahiyyətlər verilir, təsisatda yeni struktur bölmənin yaradılması, maliyyə və kadr resurslarının artırılması da həyata keçirilir. Bu məqsədlə, Müvəkkil Konstitusiya Qanununa müvafiq əlavə və dəyişikliklər olunmasını təklif etmişdir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramı”nın, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın layihələri ilə bağlı müvafiq rəy və təkliflər hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir.
Müvəkkil əvvəlki illik məruzələrində əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının, tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində normativ hüquqi bazasının təkmilləşdirilməsini və göstərilən xidmət səviyyəsinin müasir tələblərə uyğun yenidən təşkilini, Səhiyyə Nazirliyinin müalicə-proflaktika müəssisələrindəki həkim-məsləhət komissiyalarının, ƏƏSMN-nin tibbi-sosial ekspert komissiyalarının işində ciddi dönüşün yaradılmasını, şəffaflığın təmin edilməsini və bu sahənin işinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təklif etmişdir. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinin də gələcəkdə “ASAN xidmət” mərkəzlərinə həvalə edilməsi məqsədəuyğundur.
Müvəkkilin müvafiq sahə ilə bağlı bir sıra təklifləri 2015-ci ildə öz həllini tapmışdır.
Səhiyyə Nazirliyi tərəfindən tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə “Tibbi sosial ekspert komissiyasına göndəriş”in elektron registri yaradılmış və artıq 2015-ci il 1 yanvar tarixindən müvafiq tibbi arayışın səhiyyə müəssisələrində “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”dən (VESKS) çap edilərək vətəndaşlara verilməsinin tətbiqinə başlanılmışdır. Ölkə Prezidentinin müvafiq fərmanına əsasən, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti yaradılmış və onun Əsasnaməsi təsdiq edilmişdir.
Ölkə Prezidentinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanına əsasən ölkə vətəndaşlarının əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” və 2016-cı il 5 fevral tarixli, 36 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilmişdir.
 
II fəsil.

 

 

Hüquqi maarifləndirmə, elmi-analitik iş və
beynəlxalq əlaqələr sahəsində fəaliyyət, ictimaiyyətlə və
kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

 

2.1.  İnsan hüquqları sahəsində maarifləndirmə

 

Əhalinin hüquqi baxımdan maarifləndirilməsi, insanların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən olmaqla yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli təmin etmək baxımından da böyük əhəmiyyət daşıyır. Məhz həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi məqsədilə dövlət tərəfindən gerçəkləşdirilən səmərəli fəaliyyətin tərkib hissəsi kimi tanınır. 
Pozulmuş hüquqların bərpası ilə yanaşı, əhalinin hüquq düşüncəsinin inkişaf etdirilməsinə yönəlmiş hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirən Müvəkkil bu fəaliyyətini beynəlxalq və qazanılmış təcrübə əsasında davamlı olaraq təkmilləşdirməkdədir.
Müvəkkilin əhalinin müxtəlif kateqoriyalarının hüquqi biliklərə yiyələnməsinə, insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş hüquqi maarifləndirmə fəaliyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və KİV-lərlə, icmalarla qarşılıqlı əməkdaşlıqda inkişaf etdirilir.
İnsan hüquqlarının etibarlı təmin olunması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələri müəyyən edən MFP əhalinin müxtəlif kateqoriyalarının hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.  
2015-ci ildə MFP-nin icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası  (MSK) ilə birgə Şəki, Gəncə, Bərdə, Cəlilabad və Qubada ölkənin 54 şəhər və rayonu əhatə olunmaqla silsilə regional ictimai dinləmələr keçirilmişdir. Həmin tədbirlərdə MSK-nın əməkdaşı, şəhər və rayonlar üzrə icra hakimiyyəti və bələdiyyələrin, dairə və məntəqə seçki komissiyalarının, KİV-lərin, yerli QHT-lərin, icmaların nümayəndələri iştirak etmişlər. 
Bakıda təşkil olunmuş yekun ictimai dinləmədə paytaxtın 12 rayonunun, həmçinin Sumqayıt şəhərinin və Abşeron rayonunun icra hakimiyyətləri və bələdiyyələrin, müvafiq dairə seçki komissiyalarının, habelə media nümayəndələri iştirak etmişlər. MFP-nin təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə həyata keçirilmiş ictimai dinləmələr əhalinin hüquqi maarifləndirilməsinə, vətəndaş fəallığının artmasına, hər kəsin iştirak hüququnun təmin edilməsinə, idarəetmənin demokratikləşməsinə və daha da təkmilləşdirilməsinə xidmət edir. 
Milli Məclisə seçkilər ərəfəsində tərtib olunmuş tədbirlər planı əsasında əhali qruplarını əhatə etməklə hüquqi maarifləndirmə tədbirləri davam etdirilmişdir. 
Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq respublikamızda 18 iyun – Milli İnsan Hüquqları günü ərəfəsində “İnsan Hüquqları aylığı”, 21 sentyabr – Beynəlxalq Sülh günü ilə bağlı “Sülh aylığı”, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı”nın dövlət qurumlarının, şəhər və rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə keçirilməsi də insan hüquq və azadlıqlarının səmərəli təmin olunmasına öz töhfəsini verir. Həmçinin, hər bir aylıqla bağlı görülən işlər təhlil edilərək Müvəkkilin məqaləsində öz əksini tapmış, “Respublika” qəzetində dərc edilmiş və Müvəkkilin rəsmi saytında yerləşdirilmişdir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sisteminin başlıca vəzifələrindən biri kimi məsuliyyətini dərk edən, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə, insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək olduğu qeyd olunmuşdur.
Müvəkkilin insan hüquqları sahəsində maarifləndirmə fəaliyyətinin çoxşaxəli istiqamətlərindən olan insan hüquqları sahəsində təhsil ali təhsil ocaqlarında və orta ümumtəhsil məktəblərində inkişaf etdirilməkdədir.
Müvəkkilin təşəbbüsü ilə insan hüquqları təhsili istiqamətində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil bir fənn kimi universitet səviyyəsində tədrisinə nail olunmuş, onun ümumi redaktəsi ilə Bakı Dövlət Universitetində tədris olunan insan hüquqları fənninə dair “İnsan hüquqları üzrə mühazirələr toplusu” – dərslik hazırlanmış və nəşr edilmişdir. Hazırda Bakı Dövlət Universitetində  Müvəkkilin təşəbbüsü ilə “İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO” kafedrası yaradılmış, bakalavr və magistr pilləsində insan hüquqları üzrə kadr hazırlığına başlanılmaqla bu sahəyə elmi yanaşma nümayiş etdirilir. 
Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta məktəblərdə həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramı Bakı şəhərində və respublikamızın regionlarında yerləşən orta məktəblərdə davam etdirilmişdir. 
Müvəkkil tərəfindən insan hüquqları sahəsində kadrların hazırlanması işinə də geniş yer verilir. Bu baxımdan aparatda yaradılmış “İnsan hüquqları sahəsində xüsusi qısamüddətli təhsil şəbəkəsi” də fəaliyyətini davam etdirməkdədir. Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Slavyan Universitetinin, Azərbaycan Dillər Universitetinin, Qafqaz Universitetinin müxtəlif kurs tələbələri və magistrantları ardıcıl olaraq Müvəkkilin Aparatında istehsalat təcrübəsi keçirlər.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, hüquq mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən Polis Akademiyası, Ədliyyə Akademiyası, Baş Prokurorluğun tədris mərkəzi, hərbi sahədə kadr hazırlayan təhsil müəssisələri və digərlərini göstərmək olar ki, həmin tədris müəssisələrinin proqramına, o cümlədən Müvəkkilin tədbirlər planına əsasən gənc müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına ünvanlanan ardıcıl seminarlar təşkil olunub ki, bu da insan hüquqları mədəniyyətinin təbliğinə xidmət edir.
Müvəkkilin regional mərkəzləri də bölgələrdə fəaliyyəti təşkil etməklə, əhalinin müxtəlif qruplarına ünvanlanan geniş hüquqi maarifləndirmə tədbirləri həyata keçirir.
Tədbirlər planına uyğun olaraq, il ərzində qaçqın, məcburi köçkün və miqrantlara, məhkum və hərbi qulluqçulara, qadın, uşaq və gənclərə, ahıllara və əlilliyi olan şəxslərə ünvanlanan tədbirlər keçirilmişdir.
Ölkəmizi narahat edən narkomaniya, İİV/QİÇS və digər yoluxucu xəstəliklərlə mübarizə aparılması istiqamətində Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabadda yerləşən regional mərkəzləri cəlb olunmaqla yerlərdə silsilə treninq və seminarlar keçirilir, televiziya və radio verilişləri hazırlanaraq bu xəstəliklərdən əziyyət çəkən insanların cəmiyyətin həyatında iştiraklarının təmin edilməsi, ayrı-seçkiliyə məruz qalmamaları üçün məlumatlandırma məqsədilə silsilə tədbirlər təşkil olunmuşdur.    
Müvəkkil və Aparatın əməkdaşları Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin bir sıra hərbi hissələrində olmuş, hərbi qulluqçuların vəziyyətinin öyrənilməsi ilə yanaşı maarifləndirmə tədbirləri həyata keçirilmişdir. 
Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində və onun nəzdində “Azərbaycan Yurdum Mənim” devizi ilə fəaliyyət göstərən “Liderlik məktəbi”ndə hər il olduğu kimi müntəzəm olaraq uşaqların iştirakı ilə Uşaq Hüquqları Konvensiyasının müddəalarına əsaslanan treninqlər, vətənpərvərlik ruhunda maarifləndirmə tədbirləri keçirilmiş, onların problemləri müzakirə olunmuş və Şəbəkə üzvlərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə muzeylərə, tarixi yerlərə səfərlər təşkil edilmişdir.
Müvəkkilin fəaliyyəti dövründə 165, o cümlədən 2015-ci ildə 15 adda nəşr hazırlanmış, çap olunmuş 23-dən artıq insan hüquqlarına və layiqli idarəetməyə dair xarici ədəbiyyat dilimizə, o cümlədən 49 Azərbaycan dilində olan vəsait İngilis dilinə, 37-si isə rus dilinə tərcümə olunaraq çap edilmiş, geniş oxucu auditoriyası arasında yayılmış və kitabxanalara paylanmışdır. 2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  keçirilən növbəti IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təsisatın çap məhsulları  (kitab, plakat, buklet və liflet) nümayiş etdirilmişdir. Təsisat IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə diplomla təltif olunmuşdur. 
  
2.2. Müvəkkilin elmi-analitik sahədə fəaliyyəti

 

 

Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti tərəfimizdən mütəmadi olaraq təhlil edilir və ümumiləşdirilərək hər il kitab şəklində nəşr etdirilir, həmçinin onun elektron versiyası təsisatın rəsmi internet səhifəsində yerləşdirilir.
“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının prioritet istiqamətləri BMT-yə üzv olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilmiş növbəti samittində qəbul edilmiş “2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri”nə uyğundur. Bunu nəzərə alaraq, qarşıda duran vəzifələrin səmərəli icrasına kompleks şəkildə nail olmaq üçün müvafiq dövlət sənədlərinin icrası vəziyyətinin və əldə olunmuş nəticələrin monitorinqinin keçirilməsi məqsədəmüvafiqdir.   
Müvəkkil “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2015-2025-ci illər) üzrə Tədbirlər Planı”nın, BMT-nın  İnkişaf Proqramının 2016-2020-ci illər üçün Azərbaycan üzrə ölkə proqramının təkmilləşdirilmiş layihələrinə dair rəy və təkliflər də hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Müvəkkil BMT-nin Baş Assambleyasının 61-ci sessiyası çərçivəsində qəbul edilmiş “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə” Beynəlxalq Konvensiyasının, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasının, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın Fakültativ Protokolunun, “Qadınlara və ailədaxili zorakılığa qarşı” Avropa Şurası Konvensiyasının, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 12 saylı Protokolunun ratifikasiyasını bir daha təklif edir.  
Cinayət, Cinayət Prosessual, Mülki, Mülki Prosessual, İnzibati Xətalar, Əmək, Ailə, Mənzil, Vergilər və s. məcəllələrinin, o cümlədən əlillik, pensiyalar və sosial müavinətlər, sosial xidmət, penitensiar və s. sahələrlə bağlı qanunvericilik aktlarının monitorinqi aparılmış və müvafiq təkliflər hazırlanmışdır.
Milli Məclisdən, Nazirlər Kabinetindən, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş qanun və qərar layihələrinə müvafiq rəy və təkliflərlə münasibət bildirilmişdir.
Müvəkkilin ümumi redaktəsi ilə “Ombudsmanın sorğuları əsasında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilmiş aktların toplusu” adlı kitab nəşr edilmişdir.
Müvəkkil və əməkdaşların beynəlxalq, regional və yerli əhəmiyyətli tədbirlərdə iştirakı və həmin tədbirlərdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin daha da səmərəli təmininə yönəlmiş çoxşaxəli fəaliyyəti nəşrlər, televiziya, radio, qəzet və jurnallar vasitəsi ilə geniş ictimaiyyətin diqqətinə çatdırılmışdır.

 

2.3.  İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

 

İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq. Qeyri-hökumət təşkilatları, insan hüquqları sahəsində ixtisaslaşmış mütəxəssislər və icmalarla Müvəkkilin əlaqələri daha da genişlənmişdir. İstər həmin təşkilatlar cəlb edilməklə, istərsə də birgə əməkdaşlıqda ardıcıl tədbirlər keçirilmişdir. 
MFP-də nəzərdə tutulmuş müddəalar, habelə onun icrası vəziyyəti qeyri-hökumət təşkilatlarının iştirakı ilə müzakirə olunmuş, təklif və tövsiyələr nəzərə alınmışdır. 
Müvəkkilin təşəbbüsü və qeyri-hökumət təşkilatlarının iştirakı ilə insan hüquqlarının müxtəlif aspektlərinə həsr olunmuş tədbirlər, o cümlədən “Heydər Əliyev və insan hüquqları”, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın icrasına dair Azərbaycan hökumətinin ilk hesabatı ilə bağlı BMT-nin müvafiq komitəsinin tövsiyələrinin müzakirəsi, Biznes və qadın hüquqları, Milli İnsan Hüquqları İnstitutlarının parlament, dövlət qurumları və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, habelə seçki hüquqları mövzularında, həmçinin Ümumdünya Əqli Sağlamlıq gününə, Xocalı soyqırımının 23-cü ildönümünə, 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr edilmiş tədbirlər keçirilmiş, irəli sürülən təklif və tövsiyələr ümumiləşdirilərək müvafiq dövlət qurumlarına ünvanlanmışdır. 
10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününə, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun 70 illiyinə həsr olunmuş “Azərbaycanda insan hüquqlarının təmini davamlı inkişaf perspektivindən” mövzusunda keçirilmiş konfransda vətəndaş cəmiyyəti institutlarından Milli Qeyri-Hökumət Təşkilatları Forumu, “Şəhid Anaları” Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası, Psixoloqlar Assosiasiyası, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının, Azərbaycan Valideyn-Müəllim Assoasiyası, Qadın və İnkişaf Mərkəzi və digər təşkilatlar da qatılmış, ənənəvi “Mən və hüquqlarım”   uşaq rəsm, o cümlədən “Hüquqlar-hamı üçün!” jurnalist yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak etmişlər.

 

 

Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq. Müvəkkil kütləvi informasiya vasitələri ilə əməkdaşlığa mühüm yer verir və bu çoxşaxəli əlaqələr onun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Təsisatın məqsəd və məramları, yeni ideya və təşəbbüsləri, fəaliyyətinin əsas istiqamətləri, habelə tədbirləri barədə press relizlər və məlumatlar müxtəlif qəzet və jurnallara, teleradio kanallarına, informasiya agentliklərinə, elektron qəzetlərə və online xəbər portallarına  göndərilir. 
Müvəkkil işini yazılı və inkişaf etməkdə olan elektron KİV-lə, habelə Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, mətbuatın özünütənzimləməsinə yönəldilmiş Mətbuat Şurası, televiziya və radio, yeni jurnalist qurumları ilə sıx əlaqələr və əməkdaşlıq şəraitində qurmuşdur. 
Paytaxtda və ölkəmizin müxtəlif bölgələrində nəşr olunan aparıcı qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli KİV-in müxbirləri ilə sıx əlaqələr davam etdirilmişdir. Jurnalistlərlə səmərəli əməkdaşlığa üstünlük verilmiş, media nümayəndələrinin diqqəti təsisatın insanların pozulmuş hüquqlarının bərpası və təmini sahəsində fəaliyyətinə yönəldilmişdir. 
Təsisatda elektron və yazılı medianın, rəqəmsal və online-jurnalistikanın inkişafı, jurnalistlərin, o cümlədən hüquq mövzusunda yazan media nümayəndələrinin peşə hazırlığının təkmilləşdirilməsi, müasir İKT-dən istifadə imkanlarının artırılması məsələlərinə diqqətlə yanaşılmış, jurnalistlərin hüquqi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirilmiş, insan hüquqları mövzusunda yazan media təmsilçiləri Müvəkkilin təşəbbüsü ilə keçirilən ənənəvi müsabiqələrə cəlb edilmişdir.
Müvəkkil və əməkdaşları müxtəlif təşkilatların media məsələlərinə dair keçirdiyi tədbirlərdə iştirak etmiş və müzakirələrə qatılmışlar. 
Təsisatın fəaliyyəti barədə ümumilikdə 10102, o cümlədən 2015-ci ildə isə 342 məqalə və informasiya qəzet və jurnallarda çap edilmişdir. Fəaliyyət dövrü ərzində Müvəkkilin Mətbuat xidməti 3578 press reliz hazırlamışdır, bunlardan 280-i 2015-ci ilə aiddir. Hazırlanmış press relizlər ingilis dilinə çevrilərək Avropa Şurasına göndərilmişdir. 
 Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin insan hüquqları sahəsində fəaliyyəti ilə bağlı, əhali arasında keçirdiyi hüquqi maarifləndirmə tədbirləri və aparılmış monitorinqlər barədə 61 press reliz hazırlanaraq yayımlanmışdır. 
Təsisatın fəaliyyətə başladığı vaxtdan Müvəkkil 100-dən artıq bəyanat vermişdir.  2015-ci ildə Müvəkkilin 20 Yanvar faciəsinin 25-ci ildönümü, Xocalı soyqırımının 23-cü ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanatları nüfuzlu beynəlxalq qurumlara - BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xaricdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, azərbaycanlıların diaspor təşkilatlarına ünvanlanmışdır.
Aylıq İnformasiya Bülletenlərinin 132 sayı, o cümlədən 2015-ci ildə 12 sayı hazırlanmış, dörd kitabda toplanaraq nəşr edilmişdir. 
Təsisatın təşkil etdiyi tədbirlərdə çoxsaylı KİV nümayəndələri təmsil olunmuş, Müvəkkilin fəaliyyəti ilə bağlı hazırlanmış məqalələr mətbuat səhifələrində dərc edilmiş, teleradio proqramlarına müsahibələr verilmişdir.
Müvəkkilin və təsisatın fəaliyyəti dəfələrlə yüksək dəyərləndirilmiş, müxtəlif nominasiyalar üzrə mükafatlarla və fəxri diplomlarla təltif edilmişdir.

 

2.4. Beynəlxalq əlaqələr

 

İnsan hüquqlarının səmərəli müdafiəsi sahəsində fəaliyyətini daha da gücləndirmək məqsədi ilə Müvəkkil nüfuzlu beynəlxalq qurum və təşkilatlarla əməkdaşlığını davam etdirmişdir.
Müvəkkil BMT-nin İnsan Hüquqları Şurasının 2015-ci ilin mart ayında baş tutmuş 28-ci sessiyasında “Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı interaktiv müzakirələrdə” iştirak etmiş, təqdim etdiyi bəyanatında insan hüquqlarının ayrılmaz tərkib hissəsini təşkil edən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində aidiyyəti dövlət qurumları, QHT, vətəndaş cəmiyyəti ilə birgə  fəaliyyət göstərdiyini, onların problemlərinin diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Bu bəyanatın video çarxı BMT-nin rəsmi internet səhifəsində yerləşdirilmiş, həmçinin sessiyaya "İnsan hüquqları üzrə milli siyasət" mövzusu üzrə yazılı bəyanat da göndərilmişdir.  
Müvəkkil BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsinə hökumətin növbəti hesabatına əlavə hesabatını göndərmiş, qadınlara qarşı zorakılığın, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı ölkədə görülən işlərlə yanaşı, bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər də vermişdir.
Azərbaycanın Universal Dövri İcmal üzrə ikinci dövri hesabatına dair aralıq məruzənin hazırlanması məqsədilə tövsiyələrlə bağlı Müvəkkil tərəfindən Xarici İşlər Nazirliyinə arayış təqdim edilmişdir.
BMT-nin İşgəncələrə qarşı Komitəsinin 56-cı sessiyası çərçivəsində BMT-nin «İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növləri əleyhinə» Konvensiyası üzrə Müvəkkilin təqdim etdiyi əlavə hesabat, daha sonra QHT-lərin hesabatları və respublikanın dördüncü dövrü məruzəsi dinlənilmişdir.
Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyasının iclaslarında iştirak edən Müvəkkil təsisatın ayrı-seçkiliklə mübarizə sahəsində gördüyü işlər barəsində məlumat vermişdir.  
Avropa İttifaqının dəvəti ilə Türkmənistanın paytaxtı Aşqabad şəhərində Avropa İttifaqının Mərkəzi Asiya üçün Hüququn Aliliyi təşəbbüsü çərçivəsində “Türkmənistanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması” mövzusunda təşkil edilmiş tədbirdə beynəlxalq ekspert qismində iştirak edən Müvəkkil “Ombudsmanın səlahiyyətləri haqqında məlumatlılığın artırılması və onun dövlət qurumları və ictimaiyyətlə əlaqələri” mövzusunda məruzə ilə çıxış etmiş, təsisatın çap məhsulları sərgilənmişdir.
Müvəkkilin nümayəndəsi BMT-nin milli insan hüquqları təsisatları (MİHT) ilə iş üzrə Beynəlxalq Əlaqələndirmə Komitəsinin dəstəyi ilə Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən Avropa İnkişaf Günləri ilə bağlı tədbir çərçivəsində keçirilmiş sessiyalarda “Milli İnsan Hüquqları İnstitutları, vətəndaş cəmiyyəti təsisatları və Milli Strategiya” mövzusuna həsr olunmuş işçi qrupunun iclasında çıxış etmişdir. 
Müvəkkilin nümayəndəsi Vyanada ATƏT-in Serbiya sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə “Xüsusi diqqətin birləşmə azadlığına yönəldilməsi ilə dinc toplaşma və birləşmə azadlıqları” mövzusunda keçirilən ATƏT-in Əlavə İnsan Ölçüsü üzrə görüşündə, habelə Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə İllik Görüşündə və “ATƏT məkanında insan hüquqlarının təşviqi və müdafiəsində milli insan hüquqları institutlarının rolu” mövzusunda ATƏT-in İnsan Ölçüsü seminarında və Xüsusi İnsan Ölçüsü Komitəsinin Vyana şəhərində “Nifrət zəminində törədilmiş cinayətlər” mövzusunda keçirilən iclasda çıxış etmiş və Müvəkkilin təkliflərini diqqətə çatdırmışdır. 
Litvanın paytaxtı Vilnüs şəhərində ATƏT, “BMT Qadın” və Litva hökumətinin birgə təşkilatçılığı ilə “ATƏT regionunda BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin təmin olunması” mövzusunda keçirilən regional konfransda, eyni zamanda Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi tərəfindən Polşanın Varşava Universitetində təşkil olunan akademiyada, habelə bu şəbəkənin gördüyü işlərin yekun nəticələrini müzakirə etmək məqsədi ilə Hollandiyanın Utrext şəhərində MİHT-lərin iştirakı ilə həmin şəbəkənin Baş Assambleyasının iclasında da Müvəkkilin nümayəndəsi iştirak etmişdir. 
Aparatın əməkdaşları müxtəlif vaxtlarda Yunanıstanın Afina şəhərində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) təşkil etdiyi beynəlxalq Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin forumunda, habelə Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçirilən ENOC-un 19-cu illik konfransında iştirak etmiş, müzakirələr zamanı bəzi təkliflər irəli sürmüşlər.
Tailand Krallığının Banqkok və Pattaya şəhərlərində Beynəlxal Ombudsmanlar İnstitutunun, Asiya Ombudsmanlar Assosiasiyasının və Avstraliyanın Cənubi Uels ştatı Ombudsmanının birgə təşkilatçılığı ilə “Şikayətlərin araşdırılması və müraciətlərə baxılması zamanı davamlı təkmilləşmənin əhəmiyyəti” mövzusunda keçirilmiş beynəlxalq treninq-seminarda Avropa və Asiya ölkələrindən, həmçinin Kanada və Avstraliyanın insan hüquqları üzrə tanınmış beynəlxalq ekspertlər, ombudsmanlar, habelə milli insan hüquqları təsisatlarının əməkdaşları və KİV təmsilçiləri ilə yanaşı, Müvəkkilin nümayəndələri də iştirak etmişlər.
Pakistannın İslamabad şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının “Ombudsman fəaliyətinin problemləri” mövzusunda 14-cü Konfransı və Direktorlar Şurasının iclasında assosiasiyanın xüsusi dəvəti ilə Müvəkkil “İnsan hüquqlarının təşviqi və müdafiəsinə strateji yanaşma” mövzusunda məruzə ilə çıxış etmişdir. Həmçinin növbəti iki il üçün Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasına keçirilmiş seçkidə Müvəkkil həmin Assosiasiyanın vitse-prezidenti seçilmişdir.
Müvəkkilin nümayəndəsi BMT Nizamnaməsinin 70 illiyi münasibətilə Rusiya Beynəlxalq Hüquq Assosiasiyası tərəfindən keçirilən illik beynəlxalq konfransda iştirak etmişdir.
Yunanıstanın paytaxtı Afina şəhərində Qara Dəniz Araşdırmaları Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Davamlı gələcəyə səsləyən lider qadınların rolu və əməkdaşlıq körpülərinin qurulması” mövzusunda keçirilən beynəlxalq tədbirdə iştirak edən təsisatın nümayəndəsi müzakirələrdə Müvəkkilin təkliflərini səsləndirmişdir.
Müvəkkilin və əməkdaşların xarici ölkələrə işgüzar səfərləri zamanı bütün beynəlxalq tədbirlərdə ölkə Prezidentinin sülh təşəbbüsləri, Azərbaycan həqiqətləri, xüsusilə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında azərbaycanlılara qarşı zorakılıqlar barədə geniş məlumat vermiş, Azərbaycanın haqq işinin dəstəklənməsi məqsədilə dünya ictimaiyyətinə çağırışlar olunmuş, bu faciələri özündə əks etdirən ədəbiyyat, bəyanatlar və disklər paylanmışdır.
Müvəkkil UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun 70 illiyinə həsr olunmuş “Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransını keçirmişdir. 
Müvəkkilin fəaliyyətində ənənəvi olan bu beynəlxalq toplantıya BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ölkələri üzrə  böyük müşaviri Vladimir Şkolnikov, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti, Namibiya Ombudsmanı John Walters və həmin institutun baş katibi, Avstriya Ombudsmanı Gunther Krauter qatılmışlar. Konfransda Avropa, Asiya və Afrika ölkələrindən - Avstriya,  Sloveniya, Xorvatiya, Rumıniya, Türkiyə, Misir, Pakistan, Namibiya, Rusiya Federasiyasının subyekti olan Saratov vilayəti, habelə Moldova, Özbəkistan, Qazaxıstandan gələn ombudsmanlar, onların nümayəndələri, insan hüquqları üzrə beynəlxalq ekspertlər, tanınmış hüquqşünas alimlər iştirak etmişlər.
Müvəkkil Türkiyə İnsan Hüquqları Komitəsinin sədri Hikmet Tüleni və həmin komitənin idarə heyətinin üzvü Mehtap Karaburçak Tuzcunu, bu ölkənin ombudsmanı Mehmet Elkatmışı, Namibiyanın ombudsmanı, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti Con Robert Voltersi, Avstriyanın ombudsmanı, Beynəlxalq Ombudsmanlar İnstitutunun Baş katibi Günter Kröyteri və həmin institutun direktoru Ulrike Qrishoferi, Xorvatiyanın Ombudsmanı Lora Vidoviçi, Misirin İnsan Hüquqları üzrə Milli Şurasının prezidenti Mohamed Fayeki, Özbəkistan Ali Məclisinin ombudsmanı Uluğbəy Muhəmmədiyevi, Sloveniyanın ombudsmanı Vlasta Nusdorferi və onun müavini Jerney Rovşeki, Pakistanın Federal Sığorta Ombudsmanı Əzhar Əli Fəruqini, Rumıniya Ombudsmanının müavini İonel Opreanı, Rusiyanın Saratov vilayətinin ombudsmanı Tatyana Juriki, Qazaxıstan Milli İnsan Hüquqları Mərkəzinin rəhbəri Vyaçeslav Kalyujnını, Moldova İctimai Palatasının prezidenti Aurelia Qriqoriunu və həmin palatanın icraçı direktoru Dumitru Xaritonovu, habelə Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qaiseri, Amerika Birləşmiş Ştatlarının səfiri Robert Sekutanı, Norveç Krallığının səfiri Bord İvar Svendseni və səfirliyin birinci katibi Marko Soldiçi, BMT-nin rezident-əlaqələndiricisi Antonius Bruku, UNİCEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadzeni və onun müavini xanım Nafisa Binte Shafiqi, eyni zamanda BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) nümayəndə heyətinin rəhbəri Aişə Şujun Muhammədi və onu müşayiət edən həmin qurumun üzvlərini, BMT Əhali Fondunun Türkiyədəki nümayəndəsi, Azərbaycan, Ermənistan və Gürcüstan üzrə ölkə direktoru Karl Kulessanı, Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin rəhbərlik etdiyi nümayəndə heyətini, Avropa Şurası Nazirlər  Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun rəhbəri Aleksandr Gesseli və onun rəhbərlik etdiyi nümayəndə heyətini, Avropa Şurasının Faktaraşdırıcı Missiyasının nümayəndə heyətinin üzvləri Tanja Rakusici və John MakAlleni, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Mixael Linki və onun xüsusi müşaviri Yan O.Haukassı, habelə İndoneziyanın İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisi, bu qurumun məsul əməkdaşı Elfansuri Xeyrahı və “Jakarta Post” qəzetinin nümayəndəsi Virmalla Ancayahı, Gürcüstanın Konstitusiya Məhkəməsinin hakimləri xanım Lali Papiaşvili və Otar Sicinavanı, Avstriyanın sosial işçilər Assosiasiyasının icraçı direktoru, Azərbaycanda sosial xidmət təminatının inkişafı üzrə Tvinninq layihəsinin daimi müşaviri, ahıllar üzrə ekspert Herbert Paulişini, həmçinin fransalı tədqiqatçı yazıçı-jurnalist Jean Louis Gouraudu qəbul etmiş, insan hüquqlarının müdafiəsi məsələləri üzrə qarşılıqlı fikir mübadilələri aparılmış və əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Müvəkkil, həmçinin “Hüquqi, demokratik dövlət: nəzəriyyə və təcrübənin aktual problemləri” mövzusunda Bakı şəhərində keçirilmiş III Beynəlxalq Elmi Konfransın iştirakçısı olan beynəlxalq miqyasda tanınmış bir qrup hüquqşünas alimləri, habelə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Lyuk Simpkinsin rəhbərlik etdiyi Avstraliya Parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini də qəbul etmişdir.
Müvəkkilin aparatında, eyni zamanda Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FİDH) və İşgəncələrə Qarşı Dünya Təşkilatının (OMCT) nümayəndə heyəti, Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının nümayəndələri, din azadlığı üzrə müşavir Mark Hansen, həmin assosiasiyanın rəhbər komitəsinin sədri Vasiliy Kalin və bu dini təriqətin yerli icmasının təmsilçiləri, ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Mədinə Yarbuzinovanın rəhbərlik etdiyi nümayəndə heyəti, ofisin ölkə səfərləri üzrə əməkdaşı Muriel Etvino, Beynəlxalq Miqrasiya Təşkilatının ekspertləri Hilkka Bekeri və Katarina Lukofer, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəsi xanım Simone Volken və həmin qurumun ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdson, Avropa İttifaqının ədliyyə üzrə ekspertləri, habelə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində cəlb olunmuş ekspert Valid Madhon qəbul edilmişlər.
2015-ci ildə nəşr olunmuş, Müvəkkilin beynəlxalq əlaqələr sahəsində gördüyü işləri, əldə etdiyi nailiyyətləri əks etdirən “İnsan hüquqları sahəsində beynəlxalq əlaqələr” kitabında təsisatın yarandığı vaxtdan etibarən Müvəkkilin insan hüquqları sahəsindəki beynəlxalq fəaliyyətinə, bir çox nüfuzlu beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq əlaqələrinə, insan hüquqları sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, habelə ölkədə bu sahədə aparılan uğurlu islahatların beynəlxalq ictimaiyyətə çatdırılmasına dair məlumatlar öz əksini tapmışdır.

 

 


Nəticə və tövsiyələr

 

 

Dünya iqtisadiyyatında hökm sürməkdə olan və 2015-ci ilin sonunda daha da dərinləşən böhranlı vəziyyət ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, o cümlədən əhalinin sosial rifahının qorunmasına xidmət edən sosial proqramların icrasına demək olar ki, təsir göstərməmiş, sosial sahələrdə həyata keçirilən tədbirlər davam etdirilmiş, bir çox problemlər öz həllini tapmışdır. Bununla belə, təbii ki, qarşıda hələ də həlli vacib olan bir sıra məsələlər qalmaqdadır.
Respublikanın şəhər və rayonlarında əhalini narahat edən problemlərin həlli istiqamətində görülmüş geniş həcmli işlər, təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlərin, o cümlədən məktəblərin, xəstəxanaların, səhiyyə müəssisələrinin, mədəniyyət ocaqlarının açılması, yeni istehsal və emal müəssisələrinin yaradılması, hərbi qulluqçular, məcburi köçkünlər, əlilliyi olan şəxslər və şəhid ailələri üçün yaşayış binalarının inşa edilməsi, modul tipli elektrik stansiyalarının tikilməsi, sutəmizləyici qurğuların istifadəyə verilməsi, avtomobil yollarının çəkilməsi və körpülərin salınması, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq və abadlıq işlərinın aparılması, əməkhaqlarının, pensiya və müavinətlərin artırılması bir daha göstərmişdir ki, ölkəmizin sosial-iqtisadi siyasətinin mərkəzində insan və onun rifahı durur.
Neftin qiymətinin kəskin şəkildə düşməsinə və manatın dəyərinin zəifləməsinə baxmayaq, istər iqtisadi, istərsə də sosial istiqamətlərdə davam etdirilən inkişaf tendensiyası 2015-ci ildə də davam etmiş, beynəlxalq iqtisadi institutlarda respublikamızın göstəriciləri müsbət yönümdə qiymətləndirilmişdir.
Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı giriş nitqində də bildirmişdir ki, “2015-ci ildə bütün sosial proqramlar icra edilmişdir. Mən bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılmışdır. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir.”
Həmin tədbirdə ölkə Prezidenti qeyd etmişdir ki, “Beynəlxalq maliyyə qurumları bu istiqamətdə apardığımız fəaliyyəti yüksək qiymətləndirir, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı yüksək yerlərə layiq görür. Davos Dünya İqtisadi Forumu ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 40-cı yerə layiq görmüşdür. Biz dünya miqyasında 40-cı yerdə, MDB məkanında birinci yerdəyik.”
İnsan hüquqlarının davamlı, sistemli və ardıcıl inkişafı istiqamətində, o cümlədən demokratik təsisatların və yeni mexanizmlərin yaradılması istiqamətində gedən proseslər də davam etdirilmişdir.
Böhranlı vəziyyət dövlət büdcəsində bəzi istiqamətlər üzrə azalmaların baş verməsinə səbəb olsa da əhalinin dəstəklənməsinə ünvanlanmış proqramların və infrastruktur layihələrinin maliyyələşdirilməsinə mənfi təsir göstərməmişdir.
Xüsusilə qeyd edilməlidir ki, iqtisadi vəziyyətin sabitləşdirilməsi məqsədilə ölkə Prezidentinin müvafiq göstərişlərinə əsasən böhran əleyhinə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Belə ki, dövlət tərəfindən qəbul edilmiş, iqtisadiyyatın sağlamlaşdırılmasına, sosial sahədə həyata keçirilmiş islahatların davamlılığının qorunmasına, görülmüş tədbirlərin fəallaşdırılmasına, dövlət qurumları qarşısında duran vəzifələrin əməli icrasına, qanunvericiliyin təkmilləşdirilməsinə, qiymətlərin tənzimlənməsinə yönəlmiş qərarlar əhalinin sosial durumunda baş verə biləcək geriləmənin qarşısının alınmasına imkan yaratmışdır.
Ölkədə mövcud olan ictimai-siyasi sabitliyin təmin edilməsində ötən illər ərzində formalaşmış və davamlı xarakter almış dövlət-vətəndaş münasibətləri əhəmiyyətli rol oynamışdır. Bu münasibətlər ölkəmizin davamlı inkişafında mühüm amildir.
2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş şəffaf və ədalətli seçkilər də ölkəmizdə demokratik idarəetmənin göstəricisi olmaqla yanaşı, insan hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinə xalq tərəfindən verilmiş qiymətdir.
Sosial yönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsi sahəsində dayanıqlığın təmin edilməsi məqsədilə münbit biznes mühitinin yaradılması və azad sahibkarlığın inkişafına real təminatlar verilməsi üçün orta və kiçik sahibkarlıq subyektlərinə gömrük və vergi güzəştlərinin tətbiq edilməsi, bu sahələrdə şəffaflığın artırılması, həmçinin inhisarçılığa, haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sərbəst rəqabətin təmin olunması, bu tələbləri pozan şəxslərə qarşı ciddi tədbirlər davam etdirilməlidir. 
Qeyd edilənlərlə yanaşı, korporativ məsuliyyət məsələsinə diqqətin artırılması, əhalinin qayğıya ehtiyacı olan qruplarının hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara münasibətdə həvəsləndirmə tədbirlərinin tətbiq olunması da vacibdir.
Heç şübhəsiz, əhalinin rifah halının təmin edilməsi məqsədilə ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə istehlak qiymətlərinə nəzarətin gücləndirilməsi və süni bahalaşma meyllərinin qarşısının alınması üzrə tədbirlər davam etdiriləcəkdir. 
Aidiyyəti yerli icra strukturları azad sahibkarlıq hüququnun etibarlı müdafiəsi məqsədilə biznes mühitinin şəffaflaşdırılmasına və çevikləşdirilməsinə, güzəştli kreditlərdən səmərəli istifadəsinə imkanlar yaradılmasına, yerlərdə istər geniş, istərsə də lokal infrastruktur layihələrinin davam etdirilməsinə dəstək gücləndirilməli, əhalinin məşğulluğunun təmin edilməsi və yeni iş yerlərinin açılması prosesinə münasibət yenilənməlidir.
Müəssisələrin özəlləşməyə açıq elan olunduğu halda vətəndaşların bərabərlik hüququ və əlçatanlığı təmin edilməlidir.
Qeyd olunanlar baxımından, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikamızın qədəm qoyduğu yeni inkişaf mərhələsinin əsas hədəfi olan çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılmasında, sosial sahədə önləyici inkişaf tendensiyasının təmin olunmasında, əhalinin rifahının yaxşılaşmasında, habelə elmin, mədəniyyətin inkişafında, böyük uğurlar əldə edilməsində daha önəmli əhəmiyyət daşımaqdadır.
Müvəkkil dəfələrlə öz illik məruzələrində vəzifəli şəxslər və məmurlar tərəfindən vətəndaşlara qarşı biganəlik nümayiş etdirilməsi, əhalinin problemlərinə laqeydlik, vətəndaş müraciətlərinə zəruri diqqət ayrılmaması və ya ümumiyyətlə əhəmiyyət verilməməsi kimi halları kəskin tənqid etmiş, belə məmurların və məsul vəzifəli şəxslərə qarşı ciddi tədbirlər görülməsini tələb etmişdir.
Bəzi vəzifəli şəxslər və ayrı-ayrı məmurlar qanunun aliliyinə, habelə «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanının 7-ci bəndi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin üzərinə qoyulmuş vətəndaşların müəyyən olunmuş qrafikə uyğun olaraq qəbulunun, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasının və haqlı tələblərinin həllinin təmin olunması ilə bağlı tapşırığa yetərincə əməl etməmişlər.  
Bununla yanaşı, qeyd edilməlidir ki, öz vəzifələrinin öhdəsindən gələ bilməyən, korrupsiya hallarına yol verən, vətəndaşlara münasibətdə etik davranış qaydalarını pozan bir sıra vəzifəli şəxslər və məmurlar intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən tutduqları vəzifədən azad edilmişlər.
Rəsmi məlumata əsasən, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərini pozan 404, o cümlədən 321 mərkəzi icra hakimiyyəti orqanlarında, 83-ü isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilmişdir. Həmin intizam tənbeh tədbirlərindən 357-si töhmət, 27-si vəzifə maaşının azaldılması, 13-ü dövlət qulluğundan azad edilmə, 7-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olmuşdur. 
Əhalinin qayğıya, maddi və mənəvi dəstəyə daha çox ehtiyacı olduğu mövcud şəraitdə vətəndaşların dövlət orqanlarına müraciətlərinə diqqətlə yanaşılması, məmurların öz səlahiyyətlərindən sui-istifadə etməsi hallarına son qoyması, insanların problemlərinin həllinə istiqamətlənmiş tədbirlər görülməsinə səy göstərilməsi, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət edilməsi son dərəcə vacibdir. 
Hər bir vəzifəli şəxs və məmur artıq dərk etməlidir ki, hazırkı dövr proseslərə tamamilə yeni yanaşmanı tələb edir və vətəndaşların istənilən məsələ ilə bağlı dövlət qurumlarına ünvanladığı müraciətlərin cavabsız və ya nəticəsiz qalması tamamilə yolverilməzdir.
Sosial məsuliyyətin gücləndirilməsinə ehtiyac olduğu bir vaxtda hər bir vəzifəli şəxs bilməlidir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində vətəndaş dayanır və bütün səylər onun rifahına xidmət etməli və sosial proqramların icrasına yönəldilməlidir. 
Odur ki, vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların müntəzəm qəbullarını təşkil etməli, onların problem və tələblərini dinləməli, əhali arasında zəruri izahat və məsləhət işi aparmalı, insan hüquqlarının təmin edilməsinə yönəlmiş tədbirləri genişləndirməli, yerlərdə sahibkarlara lazımi şərait yaradılmalı, müasir istehsal və sənaye sahələrinin, yeni iş yerlərinin yaradılmasına dəstək verməli, məhsuldar qüvvələri və sahələri sosial-iqtisadi inkişafa və əhalinin rifah halının yüksəlməsinə cəlb etməlidirlər. Bu baxımdan, ölkə Prezidentinin göstərişi ilə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin müntəzəm olaraq respublikanın şəhər və rayonlarında əhali ilə görüşlər keçirməsi, vətəndaşları qəbul etməsi, onları narahat edən məsələlərin həlli üzrə konkret tədbirlər görülməsi təqdirəlayiq haldır və əhali tərəfindən razılıqla qarşılanır.
Qeyd edilməlidir ki, 200-dən artıq elektron xidmət göstərən və artıq 8 milyon müraciət qəbul etmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti vətəndaş müraciətlərinin vaxtında cavablandırılmasında, bürokratik əngəllərin, korrupsiyanın qarşısının alınmasında mühüm önəm daşımaqdadır. Ölkə Prezidentinin müvafiq göstərişlərinə əsasən, bu mərkəzlərə həvalə olunan xidmətlərin sayının getdikcə artırılması vətəndaş müraciətlərinin və onların problemlərinin maneəsiz həllinə, əhalinin razılığına səbəb olmuşdur. 
Məqsədi əhaliyə xidmətlərin göstərilməsində şəffaflığın təmin edilməsindən, müasir texnologiyaların tətbiqindən, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasından, nəticə etibarilə, vətəndaşların razı salınmasından ibarət olan bu mərkəzlər vətəndaşla dövlət arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinə çalışmalıdır.
Müvəkkil və onun tapşırığı ilə aparatın əməkdaşları respublikanın müxtəlif yerlərində əhali ilə müntəzəm görüşlər, habelə azadlığın məhdudlaşdırılması yerlərinə, o cümlədən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə baxışlar keçirmiş, həmçinin hərbi hissələrdə, uşaq evlərində, internatlarda, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə, habelə səhiyyə, təhsil, əhalinin sosial müdafiəsi müəssisələrində olmuş, əhali təbəqələri və qrupları üçün yerlərdə qəbullar təşkil edilmiş, vətəndaşlar arasında müvafiq izahat işi aparılmış, hüquqi məsləhətlər verilmiş, maarifləndirmə tədbirləri təşkil edilmişdir.
Cinayətkarlığa qarşı mübarizə, baş verə biləcək cinayət hallarının qarşısının alınması məqsədilə əhali arasında profilaktik işin gücləndirilməsi, dövlət qurumları, xüsusilə hüquq-mühafizə, o cümlədən vergi və gömrük orqanları tərəfindən vətəndaş müraciətlərinə diqqətin artırılması, daxil olmuş şikayətlərin təxirə salınmadan araşdırılması son dərəcə zəruridir və bu istiqamətdə fəaliyyət daha da intensivləşdirilməlidir.
Əhalinin ictimai nəqliyyatdan səmərəli istifadəsinin təmin edilməsi, habelə hərəkətin və günün gərgin vaxtlarında yarana biləcək tıxacların aradan qaldırılması məqsədilə müəyyən küçə və prospektlərdə yol polisi tərəfindən tənzimləmə işinin gücləndirilməsinə ehtiyac vardır. Bu baxımdan, ölkə Prezidenti tərəfindən Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədi ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması təqdirəlayiqdir.
Ümid etmək olar ki, müvafiq tədbirlərdən və dəyişikliklərdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan nəqliyyat sahiblərinə qarşı təzyiqlər, kobud rəftar halları, onlara məxsus avtomobillərin sənədlərinin zor tətbiq edilməklə əllərindən alınması və dövlət nömrə nişanlarının açılıb götürülməsi, açarlarının alınması, rüşvət tələb edilməsi kimi hallar azalacaqdır.
İqtisadi böhranın törətdiyi çətinliklərdən bu və ya digər dərəcədə zərər çəkmiş, nəticədə istehsal gücünü dayandırmaq, ştatları ixtisar etmək, iş vaxtını uzatmaq və ya kəsmək, sosial paketləri və əmək haqlarını aşağı salmaq məcburiyyətində olan, işçilərin gələcəyinə laqeydliklə yanaşan bəzi biznes strukturlarının vətəndaşa və işçiyə münasibətdə məsuliyyət hissinin artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin fəaliyyəti səmərələşdirilməli və gücləndirilməlidir. Həmin nazirliyin tabeliyində olan məşğulluq xidmətlərinin fəaliyyəti də yenidən qurulmalı, əhalinin məşğulluğunun təmin edilməsinə yanaşma vətəndaşların əmək hüquqularının etibarlı müdafiəsi istiqamətində dəyişilməlidir.
Təsərrüfat subyektləri, xüsusilə də özəl müəssisələr ödəmə qabiliyyətini itirdiyi, habelə müflis olduğu hallarda işçilərə əmək haqları üzrə borcların ödənilməsində yaranan problemlərin həlli məqsədilə müvafiq təminat sisteminin yaradılmalı və bununla bağlı zəruri mexanizmlər hazırlanmalıdır.
Əhalinin qayğıya ehtiyacı olan qruplarına sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını tənzimləyən «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun əhalinin hüquqlarının müdafiəsi baxımından təkmilləşdirilməsi zəruridir.
Sosial dəstəyə böyük ehtiyacı olan aztəminatlı ailələrə ünvanlanmış, kənd yerlərində şəxsi təsərrüfatın inkişaf etdirilməsi üçün natura şəklində yardımı, rayon mərkəzlərində (şəhərlərdə) isə kiçik biznesə birdəfəlik maddi dəstəyi, kommunal xidmətlərdən istifadə üzrə güzəştin müəyyən edilməsini, fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılmasını, tikinti materiallarının alınması üçün güzəştli kreditlərin verilməsini nəzərdə tutan “Aztəminatlı ailələrə sosial dəstək proqramı” layihəsinin hazırlanması və tətbiq edilməsi məqsədəmüvafiqdir.
Müvəkkilin də təklifləri nəzərə alınaraq, ünvanlı yardımın təyini prosesi təkmilləşdirilməkdədir. Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarına əsasən, həmin Qaydalar ləğv edilmiş, yeni redaksiyada mütərəqqi müddəaların əks olunduğu “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq edilmişdir. Yeni Qaydalarda yardımın təyin olunmasından imtina siyahısından təhsil haqqı və kredit öhdəliyi məsələləri çıxarılmışdır. Bununla belə, təkmilləşdirmə işinin davam etdirilməsi zəruridir.
Qeyd olunanlarla yanaşı, Müvəkkil əlçatanlığın təmin olunması üzrə tədbirlərin davam etdirilməsini, ünvanlı dövlət sosial yardımının, habelə əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin də “ASAN xidmət” mərkəzlərinə həvalə olunmasının sürətləndirilməsini məqsədəuyğun hesab edir. 
Şəkərli diabet xəstəliyinə tutulmuş, QİÇS və narkomaniyadan əziyyət çəkən şəxslər üçün dərman preparatlarının, təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmiş hepatit “C” və “B” virusuna yoluxmuş xəstələrin dövlət hesabına dərman preparatları ilə təmin olunması ilə bağlı müvafiq siyahının genişləndirilməsi zəruridir.
Ahıl qadın və kişilər üçün tibb xidmətlərinin və dərmanların qiymətlərinin əlçatan olması və tibbi sığorta məsələsinin həlli məqəsədəuyğundur.
Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi uşaqların sayı ilə bu təhsillə əhatə səviyyəsi arasında nəzərəçarpacaq fərqin aradan qaldırılmasına imkan verə bilər.
Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaratmalıdır. Tədris prosesinin düzgün təşkil edilməsi, məktəb rəhbərliyinin öz üzərinə düşən vəzifələri müəyyən edilmiş qaydada icra etməsi təhsilin səviyyəsinin artırılmasında əhəmiyyətli vasitədir. Bununla yanaşı, şagirdlərə qarşı kobud və ləyaqəti alçaldan hərəkətlərə, fiziki və mənəvi zorakılığa yol verilməsinə görə məsuliyyətin də ciddiləşdirilməsi zəruridir.
Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həmçinin istər bu müəssisələrin, istərsə də orta məktəblərin birbaşa həmin nazirliyin büdcəsindən maliyyələşdirilməsi məqsədəmüvafiqdir.
Aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqının ödənilməsində güzəştlərin nəzərdə tutulması olduqca əhəmiyyətlidir.
Əlverişli üsullardan biri kimi ipoteka krediti almaq imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməli, habelə sosial mənzil fondunun yaradılması əhalinin, xüsusilə gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatının ödənilməsinə imkan verə bilər. Bu kreditin regionlarda da genişləndirilməsi əhalinin bölgələrdə dayanıqlığını və məskunlaşması prosesini daha da möhkəmləndirər.
 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın genişləndirilməsi vətəndaşlar tərəfindən müxtəlif vaxtlarda, o cümlədən bələdiyyələrin fəaliyyətə başladığı vaxta qədər fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin dövlət qeydiyyatına alınması sahəsində hələ də mövcud olan bəzi çətinliklərin həllinə imkan verə bilər.
Məcburi köçkünlər tərəfindən xüsusilə Bakı şəhərində zəbt edilmiş ev, mənzil və digər tikililərin sahiblərinin pozulmuş hüquqlarının bərpası məqsədilə həmin ailələrin onlar üçün yeni tikilən binalara köçürülməsi məqsədəuyğundur.
Qeyd edilənlər və mövcud vəziyyət insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi və etibarlı təmin edilməsi məqsədilə sosial-iqtisadi həyatın bütün sahələrində ictimai nəzarət institutunun tətbiq edilməsini və genişləndirilməsini, həmçinin mərkəzi dövlət qurumları tərəfindən müvafiq yerli struktur bölmələrinin işinə nəzarətin gücləndirilməsi də zəruridir.
Prezident İlham Əliyev 2015-ci ildə “Respublika Günü” münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində demişdir: “...İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır.”
 Ötən dövrlərdə Müvəkkilin insan hüquqlarının səmərəli təmin edilməsi, habelə əhalinin qayğıya daha çox ehtiyacı olan aztəminatlı qruplarının sosial-iqtisadi problemlərinin kompleks həllinə yönəlmiş bir çox təklif və tövsiyələri müvafiq qanunvericilik aktlarında, habelə ölkədə sosial-iqtisadi sahələrdə həyata keçirilmiş tədbirlər çərçivəsində öz həllini tapmışdır.
Müvəkkil illik məruzələrində irəli sürülmüş, habelə səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş və əhalinin, o cümlədən aztəminatlı ailələrin və qayğıya daha çox ehtiyacı olan qrupların insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə aşağıdakıları təklif edir:

 

- Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təhlil edilməklə icra müddəti artıq başa çatmış bəndlərin yeniləri ilə əvəz olunması, mütəmadi icrası nəzərdə tutulmuş bəndlərin mövcud prioritetlər nəzərə alınmaqla yeni redaksiyada verilməsi və icraçı qurumların əməkdaşlığı ilə həyata keçirilməsi;

- BMT-nin  İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən 2016-cı ilin “Mülki və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” paktların qəbul olunmasının 50 illiyi ilə bağlı həmin paktlar ili elan olunması, həmçinin ölkəmizin bu il “Mülki və siyasi hüquqlar haqqında” Pakt, habelə “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Konvensiya üzrə müvafiq komitələrdə Azərbaycan hökumətinin hesabatları üzrə yekun müzakirələrin keçiriləcəyi nəzərə alınaraq, vətəndaş cəmiyyəti təsisatları cəlb edilməklə il ərzində həmin sənədlərə müvafiq tövsiyələrlə bağlı ictimai müzakirələrin keçirilməsi və əlavə hesabatların hazırlanması;

- UNESCO təhsili insanların həyatını dəyişməkdə, habelə Davamlı İnkişaf Məqsədlərinə çatmaqda əsas vasitə kimi dəyərləndirərək, yoxsulluğun səviyyəsinin azalması, məşğulluğun təmin edilməsi, insan potensialının həyata keçirilməsinə görə təhsilə “yeni baxış”ın, yəni “Hər kəs üçün inklüziv, ədalətli və keyfiyyətli təhsil, ömür boyu təhsil üçün imkanlar” konsepsiyasının və onun hədəflərinin aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və icmalar tərəfindən öyrənilməsi, milli prioritetlərə uyğun olaraq, təhsilə çatım, bərabərlik, inklüzivlik, keyfiyyət və gözlənilən nəticələrin fəaliyyətlərində nəzərə alınması və bu istiqamətlərdə maarifləndirmənin təşkil edilməsi;

- Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 yanvar tarixli Sərəncamına əsasən, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qeyri-hökumət təşkilatları və icmalar da cəlb edilməklə ölkə boyu maarifləndirmə tədbirlərinin təşkil edilməsi;

- mətbuatda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, milli vətənpərvərlik ruhunun yüksəlməsinə, fikir plüralizminin, tolerantlığın və multikulturalizmin inkişafına xidmət edən yazılara geniş yer verilməsi, eyni zamanda peşəkarlığın və peşə etikasının davamlı olaraq artırılması məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirmə seminarlarının təşkil edilməsi;

- Azərbaycan Respublikası tərəfindən 2007-ci il 6 fevral tarixində imzalanmış BMT-nin “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə Beynəlxalq Konvensiya”sının ratifikasiyasının sürətləndirilməsi;

- Azərbaycan Respublikası tərəfindən 2008-ci il 17 noyabr tarixində imzalanmış “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiyası prosesinin sürətləndirilməsi;

- BMT-nin Uşaq hüquqları konvensiyasının şikayətlərin verilməsi mexanizmi ilə bağlı III Fakültativ Protokolunun imzalanması və ratifikasiya edilməsi;

- Rəqabət Məcəlləsinin qəbul edilməsinin sürətləndirilməsi;

- “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsinin sürətləndirilməsi;

- Sosial yönümlü bazar iqtisadiyyatının inkişafında mühüm rolu olan azad sahibkarlığın inkişafına real təminatlar verilməsi və münbit biznes mühitinin yaradılması məqsədilə orta və kiçik sahibkarlıq subyektlərinə gömrük və vergi güzəştlərinin tətbiq edilməsi, inhisarçılığa, haqsız rəqabətə və korrupsiyaya qarşı mübarizənin və nəzarətin gücləndirilməsi, bu tələbləri pozan şəxslərin məsuliyyətə cəlb edilməsi;

- böhran əleyhinə proqramın və tədbirlərin icrası üzrə görülmüş tədbirlər və əldə edilmiş nəticələrlə bağlı əhali arasında izahat, məlumatlandırma və maarifləndirmə işinin aparılması;

- vətəndaşların müəyyən olunmuş vaxtda qəbulunu aparmayan, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılmasını təmin etməyən, haqlı tələblərinin həlli üzrə tədbirlər görməyən, laqeydlik və biganəlik hallarına yol verən vəzifəli şəxslər barədə intizam cəzalarının sərtləşdirilməsi;

- icra strukturlarının vəzifəli şəxsləri tərəfindən yerlərdə əhali ilə mütəmadi görüşlərin təşkili, “açıq mikrofon” təcrübəsinin genişləndirilməsi;

- əhalinin qayğıya ehtiyacı olan müxtəlif qruplarının sosial təminatının gücləndirilməsinə xidmət edən dövlət strategiyalarının, plan və proqramlarının, həmçinin saziş qurumlarına və başqa beynəlxalq təşkilatlara dövlət hesabatlarının hazırlanması prosesinə vətəndaş cəmiyyəti təsisatlarının, habelə müvafiq istiqamətlər üzrə maraqlı tərəflərin nümayəndələri də cəlb edilməklə ictimai dinləmələrin və müzakirələrin keçirilməsi;

- hüquq pozuntularının və məmur özbaşınalığının qarşısının alınmasında əhəmiyyəti, həmçinin aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və respublikanın şəhər və rayon mərkəzlərində dövlət büdcəsindən maliyyələşən və ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması;

- müraciət etmək hüququnun səmərəli təmini məqsədilə yaradılmış regional elektron müraciət terminalları şəbəkəsinin genişləndirilməsi, onlardan istifadənin təşviqi məqsədilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə yerlərdə treninqlərin keçirilməsi;

- iş yerlərində işçilərin əmək hüquqlarının səmərəli müdafiəsi məqsədilə Müvəkkilin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə monitorinqlərin aparılması;

- döyüş (cəbhə) bölgəsində düşmən qüvvələrinin açdığı atəş nəticəsində həlak olan, yaralanan, travma və ya kontuziya alan mülki şəxslər (və ya onların ailələri) üçün müavinətin, yaşayış evlərinə və əkin sahələrinə dəymiş ziyana görə kompensasiyanın müəyyən edilməsi, ünvanlı dövlət sosial yardımının təyini zamanı istifadəsi mümkün olmayan torpaqların nəzərə alınmaması;

- ana və uşaq ölümünün, habelə qüsurlu uşaqların dünyaya gəlməsinin qarşısının alınması məqsədilə hamilə qadınlar üçün patronaj xidmətinin geniş yayılması, perinatal müayinələrin aparılması;

- orta məktəblərdə təhsilin keyfiyyətinə nəzarət, uşaqlara qarşı zorakılıq hallarının, müəllim-şagird münasibətlərinin ictimai monitorinqi, islahatların həyata keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması, psixoloqların fəaliyyətinin gücləndirilməsi;

- ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan və təhsil haqqını ödəmək üçün maddi imkanı olmayan ümumi səbəbdən I və II qrup əlilliyi olan şəxslərin özlərinin, habelə I qrup əlilliyi olan şəxslərin övladlarının təhsil haqqı ödənişlərindən azad edilməsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may  tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndində “ali təhsil proqramının” sözlərindən əvvəl “əyani, qiyabi və ya distant formada” sözlərinin əlavə edilməsi;

- qadınların, o cümlədən bələdiyyə orqanlarında çalışanların bacarıqlarının və fəallığının artırılması məqsədilə regionlarda treninqlərin keçirilməsi, lider qadınların hazırlanması üzrə tədbirlərin təşkil edilməsi ilə yanaşı, qadın sahibkarlara maliyyə və təşkilati dəstəyin göstərilməsi;

- zorakılıq qurbanı olan, o cümlədən ailə-məişət zorakılığından əziyyət çəkən, sarsıntılar keçirən qadın və uşaqlar üçün respublikanın şəhər və rayonlarında sığınacaqların və resurs mərkəzlərinin yaradılması, belə şəxslərə xidmət göstərmək üçün sosial işçilərin və psixoloqların hazırlanması;

- yerli icra hakimiyyəti orqanları yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların zəruri insan və texniki resurslarla təmin olunması, bu komissiyaların işinin, strukturunun, səlahiyyətlərinin yenidən və əsaslı şəkildə qurulması məqsədilə müvafiq əsasnaməyə zəruri dəyişikliklərin edilməsi;

- uşaqların mobil telefondan təhlükəsiz istifadə qaydalarının, habelə onların informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydaları üzrə kitabçanın (bələdçinin) Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə hazırlanması;

- məhkumların fiziki iş qüvvəsinin sağlam əməyə istiqamətləndirilməsi yolu ilə islah edilməsinin əhəmiyyəti nəzərə alınaraq, onların ictimai faydalı əməyə cəlb edilməsi üçün cəzaçəkmə nüəssisələrində yeni istehsalat sahələrinin yaradılması, zəruri hallarda bu məqsədlə maraq göstərən sahibkarların cəlb olunması və iştirakına şəraitin yaradılması;

- cəzasını çəkmiş və cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin daimi yaşayış yeri olmayan məhkumlar üçün sığınacağın və reabilitasiya mərkəzinin yaradılması, məşğulluq probleminin həlli üzrə mexanizmin hazırlanması;

- məcburi köçkünlərə hüquqi, sosial, psixoloji və digər yardımlar göstərilməsi, habelə şəxsi təsərrüfatların inkişaf etdirilməsi üçün dəstək verilməsi istiqamətində müvafiq tədbirlərin genişləndirilməsi;

- “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın təsdiq edilməsi;

- orduda ideoloji və təlim-tərbiyəvi işin gücləndirilməsi və şəxsi heyətlə (bölüklərdən başlamaqla) işləmək üçün psixoloq-mütəxəssislərin hazırlanması;

- hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün ödənilən pul kompensasiyası məbləğinin mənzil kirayəsi bazarında mövcud olan real qiymətlərə uyğunlaşdırılması;

- düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin tərkibində döyüş tapşırıqlarını yerinə yetirən müddətli hərbi xidmət hərbi qulluqçularına xidmət müddətində ikinci növbəti məzuniyyətin müəyyən edilməsi;

- əlilliyi olan şəxsləri münasib işlə təmin edən işəgötürənlərin həvəsləndirilməsi məqsədilə əlverişli vergi güzəştlərinin, habelə güzəştli kreditlərin verilməsinin hüquqi əsaslarının müəyyən edilməsi;

- ictimai meydanlarda, parklarda, istirahət yerlərində, inzibati binalarda, muzeylərdə, təhsil müəssisələrində, kitabxanalarda, ticarət və digər mədəniyyət obyektlərində təhlükəsizlik və hərəkətin sərbəstləşdirilməsinə dair gözdən əlilliyi olan insanlar üçün müvafiq avadanlığın quraşdırılması.

 

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi məqsədilə Müvəkkilin bir neçə illərdir ki, dəfələrlə illik məruzələrində irəli sürdüyü, habelə aidiyyəti dövlət qurumlarına göndərdiyi bir sıra təklif və tövsiyələr, o cümlədən BMT-nin “Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə Beynəlxalq Konvensiya”sının, Avropa Şurasının 11 may 2011-ci il tarixli “Qadınlara qarşı və ailədə zorakılıq hallarının qarşısının alınması və mübarizəyə dair”, habelə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” konvensiyalarının ratifikasiyası prosesinin sürətləndirilməsi, “Reproduktiv sağlamlıq haqqında”, “Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanun layihələrinin qəbul edilməsi, “Aliment Fondu”nun yaradılması və bu kimi bir sıra digər məsələlər təəssüf ki, hələ də öz həllini gözləməkdədir.
Müvəkkil əmin olduğunu bildirir ki, davamlı olaraq irəli sürdüyü təkliflərində öz əksini tapmış və ölkəmiz üçün prioritet təşkil edən konvensiyaların ratifikasiyasının sürətləndirilməsinə və qanunların qəbul edilməsinə yeni tərkibdə Milli Məclis dəstək verəcəkdir ki, bu da ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə imkan yaradacaqdır.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi