14.02.2017 Tarixinə olan hesabat

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin
həyata keçirilməsi ilə bağlı illik məruzə
(2016-cı il üzrə)

Dünyada mürəkkəb və ziddiyyətli proseslərin yaşandığı, qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü şəraitdə Azərbaycan Respublikasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 2016-cı ildə ölkəmizin müstəqilliyi daha da möhkəmlənmiş, dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu davam etdirilmiş, sabitlik və təhlükəsizlik qorunub saxlanılmış, sosial-iqtisadi tərəqqi təmin edilmiş, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması üzrə məqsədyönlü islahatlar aparılmışdır.
Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini və insan kapitalından istifadənin səmərəliliyini artırmaq, idxaldan asılılığı azaltmaq, gələcək iqtisadi inkişafı təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmiş, sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı bələdiyyələrin öhdəliklərinin artırılması, onların təşəbbüslərinin dəstəklənməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Dövlətimizin başçısının fəal və uğurlu xarici siyasətinin təzahürü olaraq Azərbaycanın beynəlxalq imici günbəgün yüksəlmiş, dünyanın əksər dövlətləri ilə uğurlu əməkdaşlıq həyata keçirilmiş, ölkəmiz çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən iqtisadi, siyasi, humanitar forumlara, möhtəşəm idman tədbirlərinə uğurla ev sahibliyi etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı sentyabrın 26-da keçirilmiş referendum ölkə həyatında ən önəmli siyasi hadisə olmuşdur. Demokratik, şəffaf şəraitdə keçirilmiş referendumda seçici təşəbbüskarlığının artması, seçicilərin aktivliyi Konstitusiyaya edilmiş dəyişikliklərin aktuallığını göstərməklə yanaşı, dövlət quruculuğunda həyata keçirilən islahatlara olan yüksək marağın nəticəsidir. Referendum beynəlxalq qurumlar, çoxsaylı müşahidəçilər tərəfindən izlənilərək yüksək dəyərləndirilmişdir. Səsvermənin nəticəsi göstərdi ki, xalq ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətə inanır və onu dəstəkləyir.
Konstitusiyaya edilmiş dəyişikliklər bir sıra məsələlər üzrə konstitusion boşluqları aradan qaldırmaqla yanaşı, həm də yeni normaların müəyyən edilməsi ilə səciyyəvidir. Dövlətin sosial, iqtisadi, siyasi həyatının ən mühüm sahələrində islahatlar aparılmasına yönəlmiş yeni normalar insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, qanunverici, icra və məhkəmə hakimiyyətlərinin işinin, yerli özünüidarənin səmərəliliyinin artırılmasına, dövlət quruculuğunun təkmilləşdirilməsinə xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq dövlət müstəqilliyinin bərpasının 25 illiyi bütün ölkədə böyük təntənə ilə qeyd edilmişdir. İldönümünün keçirilməsi müstəqil dövlət quruculuğu sahəsində ölkəmizin uğurlarının təsdiqi, gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət daşımışdır.
Ən gənc təsisatlardan biri olan yerli özünüidarəetmə orqanları da bu illər ərzində özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə geniş vüsət alan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin, çoxsaylı regional proqramların reallaşmasında mühüm rol oynamışlar.
Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlər həyata keçirilmiş, bir sıra yeni normativ hüquqi aktlar qəbul edilmişdir.
Referendumla Konstitusiyaya əlavə edilmiş 1461-cı maddədə bələdiyyə qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana və onların təminatının pozulmasına görə mülki məsuliyyətin müəyyən edilməsi yerli özünüidarəetmədə qanunçuluğun təmin edilməsinə xidmət edir.
Bələdiyyələrin vergi xidmətinin məsuliyyətinin artırılması, vətəndaşlarda narazılıq doğuran məsələlərin operativ həlli məqsədi ilə "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"yə 17 may 2016-cı il tarixli Qanunla dəyişikliklər edilmişdir ki, bu da yerli vergilərin və ödənişlərin düzgün tətbiq olunmaması barədə şikayətlərə çevik baxılmasını təmin edir.
Kənd təsərrüfatının inkişafı üçün istehsalçıların və istehlakçıların birgə fəaliyyətinin əsas istiqamətlərini, o cümlədən bələdiyyələrin bu sahədə vəzifə və səlahiyyətlərini müəyyən edən "Kənd təsərrüfatı kooperasiyası haqqında" 14 iyun 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun qəbulu ölkəmizin zəngin resurslarından, bələdiyyələrin iqtisadi potensialından səmərəli istifadə olunmasına şərait yaradır.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası" bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması və bununla bağlı kargüzarlığın təşkili işində boşluğu aradan qaldıraraq hüquqi tənzimləməni təmin etmişdir. Yeni qaydaların önəmi nəzərə alınaraq məsələ Ədliyyə Nazirliyinin Kollegiya iclasının müzakirəsinə çıxarılmış, kargüzarlığın aparılması sahəsində  bələdiyyələrə metodiki yardımın gücləndirilməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verilmiş və "Vətəndaş müraciətlərinə baxılması və kargüzarlıq işinin təşkili sahəsində aktlar toplusu" hazırlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında" 30 dekabr 2016-cı il tarixli Fərmanı Bakı şəhəri üzrə ərazi planlaşdırılmasının, torpaqlardan istifadənin səmərəli təşkili və bu sahədə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi baxımından xüsusi önəm daşıyır.
Hesabat dövründə "Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nin və "Dövlət və bələdiyyə qiymətli kağızlarının emissiyası və tədavülü Qaydaları"nın Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunması göstərilən sahələr üzrə bələdiyyələrin fəaliyyət imkanlarını daha da genişləndirir. Qəbul edilmiş aktlar yerli əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında, habelə bələdiyyələr üçün əlavə maliyyə mənbəyinin yaranmasında səmərəli olacaqdır.
Bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort xidmətləri göstərən müəssisələrdən və ixtisaslaşdırılmış avtomobil dayanacaqlarından ödənişlərin alınmasını təmin etmək üçün nazirliyin təşəbbüsü ilə "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri" təsdiq edilmişdir.
Ölkəmizin sosial-iqtisadi inkişafı, demokratik ənənələrinin gücləndirilməsi istiqamətində qəbul edilmiş yeni dövlət proqramlarında da yerli özünüidarənin tərəqqisinə yönəlmiş tapşırıq və tövsiyələr verilmişdir.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" Ədliyyə Nazirliyinin Kollegiya iclasında geniş müzakirə edilərək sənədin açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, bələdiyyə qulluğuna qəbulun şəffaf keçirilməsi, bələdiyyələrdə etik davranışın yaxşılaşdırılması, bələdiyyə üzvləri və qulluqçularının peşəkarlığının yüksəldilməsi işində xüsusi əhəmiyyəti vurğulanmışdır.
Kollegiya qərarı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planının ədliyyə orqanlarında icrası üzrə İş planına uyğun olaraq "Bələdiyyələrin normativ aktlarının bülleteni"nin 2-ci nömrəsi bütünlüklə Milli Fəaliyyət Planından irəli gələn məsələlərə həsr edilmiş, "Bələdiyyə üzvünün etik davranışı haqqında" qanun layihəsi hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuş, bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi qaydalar hazırlanaraq nazirliyin internet səhifəsində yerləşdirilmişdir. Görülmüş işlər nazirliyin 28 dekabr 2016-cı il tarixli Kollegiya iclasında müzakirə edilmiş, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin 2017-ci ildə icrası üzrə İş Planı təsdiq edilmişdir.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı" bələdiyyə mülkiyyətinə torpaqların təhvil verilməsi işinin başa çatdırılması, bələdiyyələrin sərhədlərinin dəqiqləşdirilməsi və torpaqların qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Qeyd edilən Proqramın icrası daşınmaz əmlakın idarə olunmasında bələdiyyələrin qarşılaşdıqları problemlərin həllinə müsbət təsir göstərəcəkdir. 
2016-cı ildə yerli özünüidarə orqanlarında maddi-texniki bazanın möhkəmləndirilməsi, maliyyə imkanlarının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilərək bələdiyyələrə kömək məqsədi ilə dövlət büdcəsindən 5,2 milyon manat dotasiya ayrılmışdır.
Yerli özünüidarənin səmərəliliyinin artırılması, bələdiyyələrin işində qanunçuluğun təmin olunması məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən bir çox maarifləndirici tədbirlər həyata keçirilmişdir. Bir qayda olaraq maarifçilik tədbirlərinin mövzuları bələdiyyələrin təklifləri nəzərə alınmaqla müəyyən edilmiş və bu zaman məsələlərin aktuallığına, qanunvericilikdə olan yeniliklərə xüsusi diqqət yetirilmişdir.
Belə ki, 2016-cı ildə bələdiyyələr üçün aktual olan bir sıra aşağıdakı mövzular üzrə seminarlar keçirilmişdir:
- İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu;
- Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması;
- "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr;
- Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili;
- Arxiv işinin təşkili və s.
Ümumilikdə il ərzində 166 belə seminar təşkil olunmuş, bu seminarlara 7.625 bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi muxtar respublikanın bələdiyyələri üçün 16 seminar təşkil etmiş, həmin seminarlara 810 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.
Hesabat ilində, həmçinin bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında 20 tədris kursu (818 dinləyici), Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında isə 5 kurs (141 dinləyici) keçirilmişdir. Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin də cəlb edildiyi bu kurslarda torpaqların idarə olunması, vergi xidmətinin təşkili, insan hüquq və azadlıqlarının təminatı sistemində yerli özünüidarəetmənin rolu və digər mövzular üzrə mühazirələr oxunmuşdur.
Maarifləndirmə tədbirlərində digər dövlət orqanlarının, yerli və xarici qeyri-hökumət təşkilatlarının imkanlarından da səmərəli istifadə olunur.
2016-cı ildə Vergilər Nazirliyinin Tədris Mərkəzində yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması və ödənilməsi, Bələdiyyə Vergi İnformasiya Sistemi  proqram təminatının iş proseduru mövzularında keçirilmiş təlimlərdə 119 bələdiyyə nümayəndəsi iştirak etmişdir.
Bələdiyyələrin milli assosiasiyaları tərəfindən hazırlanmış "Yerli vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi"nin tətbiqinə dair 8 zona seminarı təşkil edilmiş, həmin sistemin istifadəsi ilə bağlı təlimat nəşr olunmuş, Bakı, Abşeron, Sumqayıt, Gəncə bələdiyyələrinin vergi mütəxəssisləri üçün 3 təlim keçirilmişdir. Seminarlara 1.995, təlimlərə isə 120 bələdiyyə üzvü və qulluqçusu qatılmışdır.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə "Bələdiyyələrdə subvensiya layihələrinin hazırlanması" mövzusunda 14 təlim keçirilmişdir. Bu təlimlərdə 174 bələdiyyədən 323 nəfər iştirak etmişdir. Təlimlərə bələdiyyələrin büdcə komissiyasının sədrləri, baş mühasibləri və başqa aidiyyəti qulluqçular cəlb olunmuşlar. İştirakçılara təlimçilər tərəfindən müxtəlif subvensiya layihələrinin tərtib edilməsi qaydaları öyrədilmişdir.
Bələdiyyələrin maarifləndirilməsi ilə bağlı bütövlükdə il ərzində keçirilmiş 190 seminar, 19 təlim və 25 kursda 12 minədək bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. Maarifləndirici tədbirlərin sayı ötən illə müqayisədə 87 %, iştirakçıların sayı isə 71 % artmışdır.
Bununla yanaşı, bələdiyyələrdə yol verilən  qanun pozuntuları və nöqsanlar, onları doğuran səbəblər təhlil olunmuş, habelə bələdiyyə üzvləri və qulluqçularının sorğuları nəzərə alınaraq bu məsələlər üzrə metodiki kömək gücləndirilmişdir. Bununla bağlı "Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu" hazırlanaraq metodiki köməklik məqsədilə bütün bələdiyyələrə göndərilmişdir. Topluda yerli özünüidarəetməyə aid hüquqi aktlar əhəmiyyətinə və tənzimlədiyi sahəyə uyğun olaraq sistemləşdirilmiş, gündəlik fəaliyyətdə istifadə olunan normativ aktlardan çıxarışlar verilmişdir ki, bu da yerli özünüidarəetmə sahəsində qanunvericiliyin öyrənilməsi və tətbiqində faydalı olacaqdır. Bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi və bələdiyyə nümayəndələrinin hüquqi biliklərinin artırılması məqsədi ilə aktual mövzular üzrə aşağıdakı bir sıra metodik vəsaitlər və tövsiyələr hazırlanmışdır:
- Fiziki şəxslərin əmlak vergisi ilə bağlı sənədlər toplusu;
- Yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin məsuliyyətini müəyyən edən normalar toplusu;
- Torpaq sahələrinin qanunsuz rəsmiləşdirilməsinin qarşısının alınması ilə bağlı;
- Bələdiyyələrdə vətəndaşların müraciətləri üzrə kargüzarlığın təşkili ilə bağlı;
- Vətəndaşların müraciətlərinə baxılması işində yol verilmiş hüquq pozuntusuna görə məsuliyyət tədbirləri haqqında;
- Bələdiyyə qulluğuna qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi qaydalar;
- Vergi yığımının təşkili işində yol verilmiş qanun pozuntuları barədə;
- Məişət tullantılarının daşınması üçün ödənişlərin tətbiqi ilə bağlı və s.
Hesabat dövründə "Yerli özünüidarə haqqında" Avropa Xartiyası və "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş prinsiplər və şərtlər rəhbər tutulmaqla bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi üzrə ardıcıl tədbirlər görülmüşdür.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət və bələdiyyələrə hüquqi, metodiki yardımın yaxşılaşdırılması Ədliyyə Nazirliyinin Kollegiyasında müzakirə edilmiş, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məsələləri üzrə konkret tapşırıqlar verilmiş, həmçinin işin səmərəliliyinin artırılması üçün Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə və regional ədliyyə şöbələrinə əməli köməklik gücləndirilmişdir.
Hesabat ilində nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 2015-ci illə müqayisədə 4%-dən çox - 2.187 müraciət daxil olmuşdur.
Müraciətlərdən 1.947-nə baxılaraq əsaslandırılmış cavab verilmiş, 178-i aidiyyəti üzrə göndərilmiş, 53 müraciət məlumat xarakterli olduğundan işə alınmış, 9 müraciət isə anonim olduğu üçün baxılmamış saxlanılmışdır. Aşkar edilmiş qanun pozuntuları görülmüş tədbirlər nəticəsində aradan qaldırılaraq müraciətlərdən 126-sı təmin, 40-ı isə qismən təmin edilmişdir. Təmin olunan müraciətlərin sayı 2015-ci illə müqayisədə 31 % artmışdır.
Ölkə Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilmişdir. Ədliyyə nazirinin vətəndaşların səyyar qəbulları zamanı bələdiyyələrin fəaliyyətinə dair verilmiş 27 müraciət qısa müddət ərzində araşdırılaraq onlardan bir qismi təmin edilmiş, digərlərinə əsaslandırılmış cavablar verilmişdir.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu işi təkmilləşdirilmişdir. Bölgə sakinlərinin müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılması məqsədi ilə virtual qəbul təcrübəsinin genişləndirilməsi vətəndaşlar tərəfindən razılıqla qarşılanmışdır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 4 müraciət daxil olmuş, onlara mahiyyəti üzrə baxılaraq cavab verilmişdir.
40 müraciətə baxılması zamanı cinayət əlamətləri aşkar edildiyindən onların bir qismi üzrə toplanmış sənədlər araşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 22 iyun 2009-cu il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna, digər qismi isə aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmişdir.
Nazirliyə daxil olan 27 müraciət əsasında müvafiq bələdiyyələrdə inzibati nəzarət icraatı qaydasında araşdırmalar təyin edilmişdir. Həmin araşdırmalar zamanı 18 bələdiyyənin fəaliyyətində daha ciddi qanun pozuntularına yol verilməsi müəyyən olunaraq toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
İstintaq orqanları tərəfindən bütövlükdə 12 fakt üzrə cinayət işi başlanılmış, o cümlədən 1 fakt üzrə məhkəmənin ittiham hökmü çıxarılmış, digərləri üzrə araşdırma davam edir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin aparılması işinin təhlili göstərir ki, yol verilən cinayət xarakterli faktların çoxu torpaq qanunvericiliyinin pozulması və maliyyə vəsaitinin qanunsuz xərclənməsi ilə bağlıdır. İnzibati araşdırma nəticəsində aşkar edilmiş faktlardan bəziləri qeyd olunur:
- Bakı şəhəri Sabunçu bələdiyyəsində 900 min manata yaxın pul vəsaitinin qanunsuz silinməsi və minimum bazar qiyməti 1,5 milyon manatdan çox olan 3,8 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyət hüququ tanınmadan və müvafiq icra hakimiyyəti orqanlarının rəyləri olmadan 81 min manata satılması;
- Bakı şəhəri Qala bələdiyyəsində 60 min manata yaxın pul vəsaitinin qanunsuz xərclənməsi, bələdiyyənin mülkiyyət hüququ tanınmadan, müvafiq icra hakimiyyətləri orqanlarının rəyləri olmadan minimum bazar qiyməti 535 min manat olan 5,4 ha torpaq sahəsinin 87 min manata satılması, 12 ha torpaq sahəsinin qanunsuz icarəyə verilməsi və icarə haqqının yığılmasının təmin edilməməsi;
- Abşeron rayonu Qobu bələdiyyəsində 900 min manatdan çox pul vəsaitinin qanunsuz silinməsi və satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 20 ha torpaq sahəsinin satılması;
-  Qusar rayonu Samur bələdiyyəsində satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 66,5 ha torpaq sahəsinin bələdiyyənin qərarları ilə 9 min manata satılması, eyni kateqoriyalı 30 ha torpaq sahəsinin isə həqiqiliyi şübhə doğuran sənədlərlə xüsusi mülkiyyətə keçirilməsi;
- Şamaxı rayonu üzrə Dədəgünəş, II Cabanı, Keçməddin və Həmyəli bələdiyyələrində satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid ümumilikdə 205 ha torpaq sahəsinin 131 min manata satılması;
- Göygöl rayonu Zurnabad bələdiyyəsində cari hesabdan təkbaşına, iclas qərarı olmadan abadlıq işləri adı ilə 75 min manat və başqa xərclər adı ilə 24 min manat pulun nağd qaydada götürülməsi və həmin vəsaitlərin xərclənməsini təsdiq edən sənədlərin olmaması, bələdiyyə büdcəsinə 128 min manat ziyan vurulması;
- İmişli rayonu Qaragüvəndikli bələdiyyəsində hərrac və ya müsabiqə qaydaları pozulmaqla bələdiyyə iclasının qərarı olmadan 22 ha torpaq sahəsinin icarəyə verilməsi, 7.100 manat icarə haqqının bələdiyyə büdcəsinə ödənilməsinin təmin edilməməsi faktları  və s.
2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62.228 bələdiyyə aktı daxil olmuşdur (2015-ci illə müqayisədə 5,6 % çox olmuşdur). Daxil olmuş aktlardan 58.923-ü qanunvericiliyə uyğun hesab edilmiş, 3.087 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunmuşdur. Verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 833 akt ləğv edilmiş, 559 akt dəyişdirilmişdir. 1.141 akt üzrə müvafiq təsdiqedici sənədlər təqdim edilməklə həmin aktların qanunauyğunluğu müəyyən edilmişdir. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 28 iddia qaldırılmışdır. Onlardan 10-u təmin edilmiş, 18-nə isə baxılmaqdadır.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.257 bələdiyyə aktının ekspertizası keçirilmişdir.
Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 6.370 ha torpaq sahəsinin icarəyə, 12 ha istifadəyə, 305 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə qanunsuz olaraq verilməsi müəyyən edilmiş və həmin qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Müraciətlər əsasında aparılmış araşdırmaların nəticəsində qanunsuz ayrılmış 1.673 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır. Bütövlükdə 8.359 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır. Bələdiyyə mülkiyyətinə qaytarılmış torpaq sahələrinin həcmi 2015-ci illə müqayisədə 6 dəfə artmışdır.
Onlardan 7.816 ha qanunsuz icarəyə, 205 ha qanunsuz xüsusi mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaqların dövlət tərəfindən xüsusi olaraq qorunması və bu sahədə məsuliyyətin artırılması ilə əlaqədar bu kateqoriyadan olan torpaqların qanunsuz ayrılmasına qarşı preventiv tədbirlər gücləndirilmişdir. Hazırda xüsusi mülkiyyətə verilmiş 96,5 ha kənd təsərrüfatı təyinatlı torpaqla bağlı iddia ərizələri məhkəmə baxışındadır.
"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını təqdim etmədiklərinə görə İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta haqqında 156 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokollar əsasında 132 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. Təkrar pozuntulara yol verildiyinə görə 6 bələdiyyə sədri yenidən inzibati məsuliyyətə cəlb olunmuşdur.
1 mart 2016-cı il tarixdə qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsində mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim edilməməsinə görə cərimənin artırılması və həyata keçirilmiş maarifçilik tədbirləri inzibati hüquq pozuntularının azalmasına əhəmiyyətli təsir etmişdir. Bu, özünü təkrar inzibati xətaların sayının xeyli dərəcədə azalmasında da göstərir.
Bələdiyyə aktlarının ekspertizası zamanı və müraciətlərə baxılarkən ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4.246 tövsiyə göndərilmişdir. Həmin tövsiyələrdə bələdiyyənin fəaliyyətində yol verilən nöqsanlar və onların həlli yolları göstərilmişdir. Verilmiş tövsiyələr bələdiyyə iclaslarında müzakirə olunmuş, müvafiq tədbirlər görülərək inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarına məlumat verilmişdir.
Vətəndaşların müraciətlərinin və bələdiyyə aktlarının təhlili nəticəsində bələdiyyələrin fəaliyyətində aşağıdakı xarakterik hüquq pozuntuları, nöqsan və çatışmazlıqlar müəyyən edilmişdir:
- bələdiyyə sədrləri tərəfindən təkbaşına qərarlar qəbul edilməsi;
- dövlət mülkiyyətində olan torpaqlar üzərində sərəncam verilməsi;
- kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi mülkiyyətə verilməsi;
- hərrac və müsabiqə qaydaları pozulmaqla torpaqların icarəyə verilməsi və ya satılması;
- torpaqların icarəyə və ya xüsusi mülkiyyətə verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması;
- torpaq üzərində etibarsız əqdlərin rəsmiləşdirilməsi;
- torpaqların müəyyən edilmiş həddən aşağı qiymətə satılması;
- məhkəmə qaydasında ləğv edilməsi nəzərdə tutulan icarə müqavilələrinin birtərəfli qaydada ləğv edilməsi;
- torpaqların zəbti hallarının qarşısının alınmaması;
- mülki dövriyyədə olan torpaqlarla bağlı əhalinin məlumatlandırılmaması;
- bələdiyyə büdcəsinin qanunsuz xərclənməsi;
- qanunla dövlət büdcəsinə ödənilməli olan ödənişlərin edilməməsi;
- etik davranış qaydalarının pozulması;
- "Bələdiyyələrin Nümunəvi Reqlamenti"ndə müəyyən edilmiş tələblərin pozulması;
- bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməməsi;
- bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında əhalinin tanışlığı üçün açıqlanmaması;
- məişət tullantılarının daşınması üçün qanunsuz ödənişlərin müəyyən olunması;
- daşınmaz əmlak vergisinin qanunla müəyyən edilmiş normativdən artıq   hesablanması;
- yerli vergi və ödənişlərin yığılmasının təmin edilməməsi;
- yerli əhəmiyyətli sosial-iqtisadi inkişaf proqramlarının olmaması.
Yol verilmiş qanun pozuntuları və nöqsanların müəyyən edilərək qarşısının alınması üçün nazirlik tərəfindən müəyyən işlər görülmüşdür. Belə ki, Ədliyyə Nazirliyinin 2016-cı ilin I yarımilinə dair İş Planına uyğun olaraq bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılması zamanı qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinə dair ümumiləşdirmə aparılmışdır. Ümumiləşdirmənin nəticəsi olaraq "Torpaq qanunvericiliyinin  pozulması hallarının qarşısının alınması və kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi ilə bağlı" tövsiyə hazırlanaraq bələdiyyələrə göndərilmiş, hüquq pozuntularına qarşı profilaktikanın gücləndirilməsi məqsədi ilə regional ədliyyə qurumlarına zəruri metodiki köməklik göstərilmişdir.
Torpaq icarə müqavilələrinə qanunazidd olaraq birtərəfli qaydada xitam verilməsinə görə bir sıra bələdiyyələrin qərarları nazirliyin təklifləri əsasında ləğv edilərək sahibkarların hüquqları bərpa edilmişdir. Qanunun düzgün tətbiqini təmin etmək məqsədi ilə "İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dair" tövsiyə hazırlanmışdır. Bir sıra zəruri sənədlərin nümunələrini də özündə birləşdirən bu vəsaitdə qanunvericiliyin izahı verilmiş, icarə müqaviləsinə xitam verilməsindən yaranan mübahisələrin hüquqi həlli yolları göstərilmişdir.
Yol verilmiş qanun pozuntuları və nöqsanların aradan qaldırılması üçün başqa metodik vəsaitlər də hazırlanaraq bələdiyyələrə göndərilmişdir. Bir sıra xarakterik pozuntular 6 fevral 2016-cı ildə "2015-ci ilin yekunları və bələdiyyələrin qarşısında duran vəzifələr" mövzusunda Xırdalan şəhərində keçirilmiş konfransda müzakirə edilmişdir.
Bələdiyyələrin fəaliyyətində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və qarşısının alınması məqsədi ilə istintaq orqanlarından 14 təqdimat daxil olmuşdur. Onlar nazirliyin əməkdaşlarının iştirakı ilə aidiyyəti bələdiyyə iclaslarında müzakirə olunaraq müvafiq tədbirlər görülmüşdür.
Ötən il yerli özünüidarəetmə orqanları ilə iş sahəsində bələdiyyələrin milli assosiasiyaları fəal iştirak etmişlər. Onların təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendumda "Bələdiyyə təşəbbüs qrupu" və "Bələdiyyə təşviqat qrupu" yaradılmış və bu qruplar səmərəli fəaliyyət göstərmişlər. Milli assosiasiyaların və Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Litva, Latviya və Estoniya respublikalarının səfirliklərinin nümayəndələrinin iştirakı ilə "Multikulturalizmin inkişafında bələdiyyələrin rolu" mövzusunda konfrans təşkil olunmuş, assosiasiyaların ümumi yığıncaqları və bir sıra maarifçilik tədbirləri keçirilmişdir.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə uyğun olaraq milli assosiasiyaların təşəbbüsü ilə 31 oktyabr - 6 noyabr tarixdə "Yerli demokratiya həftəsi" keçirilmişdir. 14-15 noyabr tarixdə milli assosiasiyaların təşəbbüsü ilə Şəmkir şəhərində "Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi mövzusunda təşkil olunan konfransın işində Milli Məclisin Regional məsələlər komitəsinin rəhbərliyi, deputatlar, aidiyyəti nazirliklərin nümayəndələri iştirak etmiş, mövzu ətrafında səmərəli müzakirələr aparılmış, təkliflər dinlənilmişdir. Konfrans iştirakçıları Şəmkir şəhər bələdiyyəsinin və rayonun bir sıra başqa bələdiyyələrinin istehsalat müəssisələri və başqa təsərrüfat obyektləri ilə tanış olmuşlar.
Yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi məqsədilə milli assosiasiyaların təşkilatçılığı ilə Milli Məclisin komitə rəhbəri və üzvləri, bir qrup bələdiyyə sədri Latviya və Litvada səfərdə olmuş, bu ölkələrin bələdiyyələrinin təcrübəsini öyrənmişlər. Bununla yanaşı, Litva Respublikasının yerli özünüidarə orqanlarının təmsilçiləri milli assosiasiyaların dəvəti ilə ölkəmizə səfər etmişlər.
Yerli özünüidarə məsələləri ilə bağlı beynəlxalq əməkdaşlığa önəm verilərək Avropa Şurası və Avropa İttifaqının bir sıra tədbirlərində Ədliyyə Nazirliyinin əməkdaşları, bələdiyyələrin milli assosiasiyalarının və bələdiyyələrin nümayəndələri iştirak etmişlər.
Bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsini zəruri edir. Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədi ilə təklif olunur:
- bir çox bələdiyyələr tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla məhkəmədən  kənar, birtərəfli qaydada icarə müqavilələrinin ləğv edilməsi barədə qərarlar qəbul edilir.  Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrində torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsinin əsasları müəyyən edilsə də, onların anlaşıqlı ifadə olunmaması, həmin maddələrlə Mülki Məcəllənin oxşar münasibətləri tənzimləyən normaları arasında ziddiyyətlərin olması qanunun tətbiqini çətinləşdirməklə yanaşı, bir sıra hallarda bələdiyyələr tərəfindən qanunsuz qərarlar qəbul edilməsinə şərait yaradır. Misal üçün, hüquqi şəxsin fəaliyyətinə xitam verildikdə və ya icarəçi torpaq sahəsindən könüllü imtina etdikdə icarə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinin müəyyən edilməsi qaydası uzunmüddətli istifadəyə və ya icarəyə verilmiş, ancaq istifadə olunmayan min hektarlarla torpaq sahələrindən səmərəli istifadə imkanlarını çətinləşdirir. Ona görə də Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə yenidən baxılması məqsədəuyğundur.
Yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi