07.03.2017 Tarixinə olan hesabat


AZƏRBAYCAN  RESPUBLİKASININ
İNSAN  HÜQUQLARI  ÜZRƏ  MÜVƏKKİLİ
(OMBUDSMAN)

 


 

 

 

Azərbaycanda insan hüquqlarının və azadlıqlarının
təmin edilməsi və müdafiəsinin vəziyyəti
haqqında

 

 

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)

 

2016-cı il üzrə illik məruzəsi

 

Ö n    s ö z

 

Məruzənin əsas məqsədi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2016-cı ildə ölkəmizdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmini vəziyyətinin öyrənilməsi və təhlili, pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması üzrə fəaliyyəti haqqında məlumatların verilməsindən ibarətdir.

Məruzə ərizələrin, şikayətlərin və təkliflərin, həmçinin Müvəkkil, habelə onun tapşırığına əsasən, aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılma mərkəzlərinə, hərbi hissələrə, sosial müdafiə müəssisələrinə, o cümlədən uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə və təhsil müəssisələrinə baxışların, yerlərdə əhali ilə görüşlər və aparılmış araşdırmalar zamanı aşkar edilmiş müxtəlif halların, problem və çətinliklərin, eyni zamanda dövlət orqanlarının və vəzifəli şəxslərin rəsmi cavablarının, dövlət qurumlarına təqdim edilmiş təklif və tövsiyələrin, insan hüquqları üzrə milli və beynəlxalq seminar və konfransların materiallarının, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərin, kütləvi informasiya vasitələrində verilmiş məlumatların ümumiləşdirilmiş təhlili əsasında hazırlanmışdır.

İllik məruzədə Müvəkkilin mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqların, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, həmçinin insan hüquqları üzrə maarifləndirmə istiqamətində həyata keçirilmiş tədbirləri, elmi-analitik sahədə fəaliyyəti, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələri, beynəlxalq əməkdaşlıq məsələləri, eyni zamanda insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapmışdır.

«Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, illik məruzə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilmək üçün hazırlanmışdır.

İllik məruzə, eyni zamanda geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə kütləvi informasiya vasitələrində də dərc olunacaqdır.

Müvəkkilin bu məruzəsi ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi vəziyyəti barədə Sizdə müəyyən təsəvvür yaradacaqdır.

Dəyərli fikirləriniz və tövsiyələriniz gələcəkdə Müvəkkilin ölkəmizdə insan hüquqlarının və azadlıqlarının təmin edilməsi üzrə işinin təkmilləşdirilməsinə yardımçı olardı.

 

Elmira Süleymanova

 

 

Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)

 

 

 

 

 

G i r i ş

Son illərdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi vəzifəsinin yerinə yetirilməsi istiqamətində aparılan sosial-iqtisadi siyasət əhalinin rifahının getdikcə yaxşılaşmasında özünü göstərmişdir.
Bütün dünyada iqtisadi böhranın mövcud olduğu bir vaxtda ölkəmizdə siyasi-iqtisadi sabitlik yeni enerji layihələrinin reallaşdırılmasına, maliyyə vəsaitlərinin cəlb edilməsinə, uğurlu islahatlar həyata keçirilməsinə imkan vermişdir.
Milli tərəqqinin yeni inkişaf mərhələsinə qədəm qoymuş respublikamızda sosial yönümlü iqtisadiyyatın dinamik inkişafı, investisiyaların davamlılığı, bazaryönümlü islahatların dərinləşməsi, milli iqtisadiyyatın əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illərdə bir sıra mühüm nailiyyətlərin əldə edilməsi və neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi, azad sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması, minlərlə yeni iş yerlərinin açılması, habelə işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına ünvanlanmış tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının, o cümlədən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası nəticəsində regionların inkişafına dəstəyin gücləndirilməsi, regionların inkişafındakı müsbət dəyişikliklər, o cümlədən sosial infrastruktur təminatının keyfiyyətinin yüksəlməsi, yeni istehsal sahələrinin işə salınması, idarəetmədə struktur dəyişikliklərinin aparılması, köhnəlmiş və tənəzzülə uğramış sahələrdə yeni texnologiyaların tətbiqi, xüsusi peşə hazırlığı təşkil olunmuş, aqrar sahənin, fermer və ailə-kəndli təsərrüfatlarının genişləndirilməsi iqtisadi inkişafın davamlılığının təmin olunmasına təkan vermiş, insanların hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsində və etibarlı müdafiəsində əhəmiyyətli imkanlar yaratmışdır.
Vergi borclarının tənzimlənməsi haqqında qanunun qəbul edilməsi, əsassız yoxlamaların qarşısının alınması, lisenziya və icazələr portalının tətbiqi və bu sahədə həyata keçirilən başqa tədbirlər dövlət tərəfindən sahibkarlara yaradılmış geniş imkanların, habelə onların azad və sərbəst fəaliyyətinə dəstəyin bariz nümunəsidir.
Qeyd edilənlərlə yanaşı, ötən dövrlərdən etibarən ictimai-siyasi sabitliyin davamlı xarakter alması, idarəetmənin təkmilləşdirilməsi və demokratikləşdirilməsi, insan hüquqlarına hörmətin artması və qanunun aliliyinə hörmət prinsipinin getdikcə dərinləşməsi, müxtəlif sahələrdə hüquq bərabərliyinin təmin edilməsi, bərabər imkanların yaradılması və ayrı-seçkilik hallarının qarşısının alınması, vətəndaşların dövlət qurumlarına və idarəçilik sisteminə etibarının möhkəmlənməsi, ümummilli əhəmiyyət daşıyan məsələlərdə vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi, ictimai nəzarətin geniş tətbiqi və əhalinin hüquqi maarifləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, müxtəlif vaxtlarda amnistiya aktlarının qəbul edilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin əfv olunması xüsusi əhəmiyyət kəsb etmişdir.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləş-dirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması və bu istiqamətdə nəzərdə tutulmuş digər tədbirlər cəzaların mahiyyətinin daha çox islah və tərbiyəvi xarakter alması baxımından önəmli olmaqla, humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir.
Müasir sürətli inkişaf templəri nəzərə alınmaqla, sənayenin getdikcə modernləşdirilməsi və qeyri-neft sahələrinin inkişafı yeni rəqabətədavamlı istehsal sahələrinin, sənaye strukturlarının və müəssisələrinin yaradılmasında, daimi iş yerlərinin açılmasında və məşğulluğun təmin edilməsində mühüm rol oynamışdır.
Ötən dövrdə yeni məktəb və uşaq bağçaları, tibb müəssisələri, diaqnostika, olimpiya və idman kompleksləri, mədəniyyət ocaqları istifadəyə verilmiş, çoxmənzilli binaların əsaslı təmiri üzrə tədbirlər görülmüş, minlərlə məcburi köçkün ailələri yeni evlərə köçürülmüş, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılmış, “ASAN xidmət”in imkanlarının əlçatanlığı yönümündə tədbirlər, o cümlədən “ASAN Kommunal” mərkəzlərinin, “ABAD” publik hüquqi şəxsin yaradılması, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərə çatmaq məqsədilə ölkənin dinamik inkişafı üzrə işlər müvəffəqiyyətlə davam etdirilmişdir.
Bütün bu müddət ərzində respublikamızda hüquqi, iqtisadi və sosial sahələrdə həyata keçirilən islahatlar istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə müsbət dəyərləndirilmişdir.
Yeni inkişaf dövrünə qədəm qoymuş respublikamızda həyata kiçirilmiş iqtisadi islahatlar mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilmiş, Dünya Bankının “Doing Business 2017” hesabatında ölkəmiz 65-ci yerdə qərarlaşmış, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci pilləyə qalxmış və MDB üzrə 1-ci pilləni qoruyub saxlamış, İnklüziv İnkişaf İndeksi üzrə isə 2-ci yeri tutmuşdur.
2016-cı ildə Azərbaycanda keçirilmiş, insan hüquq və azadlıqlarının inkişafına, hüquq mədəniyyətinin yüksəlməsinə mühüm təsir göstərən, böyük ictimai və siyasi əhəmiyyətə malik beynəlxalq səviyyəli mədəni-humanitar forumlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal və V Beynəlxalq Humanitar forumlarının təşkili, Formula 1 Avropa Qran-Pri yarışının keçirilməsi, 42-ci Beynəlxalq Şahmat Olimpiadasının keçirilməsi, həmçinin Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ölkə idmançılarının yüksək nəticələr əldə etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və müsbət imicinin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşımışdır.
Səlahiyyət dairəsi və funksiyaları Konstitusiya Qanunu ilə müəyyən edilmiş Müvəkkil fəaliyyət göstərdiyi müddətdə malik olduğu imkanlardan geniş istifadə etməklə insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhkəmədənkənar müdafiəsi və pozulmuş hüquqların bərpası məqsədi ilə geniş, davamlı və silsilə tədbirlər həyata keçirmişdir.
Cəmiyyətin bütün təbəqələri ilə daim təmasda olan Müvəkkil öz fəaliyyətini insan və vətəndaş hüquqlarının müdafiəsinin daha məqsədəuyğun təşkil edilməsində ciddi maneə olan süründürməçiliyə və bürokratik yanaşmalara, bəzi vəzifəli şəxslər tərəfindən qanunvericiliyin tələblərinin dürüst icra edilməməsinə və qanunların aliliyinə hörmətsizlik nümayiş etdirilməsinə, köhnəlmiş idarəçilik üsullarına, məmurların laqeydliyinə, biganəliyinə və özbaşınalığına, korrupsiya və rüşvətxorluq hallarına qarşı yönəltmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınması məqsədilə Müvəkkil öz səlahiyyətləri çərçivəsində dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və xaricdəki həmkarları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir.
Bu baxımdan digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmadan və onları əvəz etmədən, mövcud hüquq müdafiə vasitələrini tamamlayan Müvəkkil bu müddət ərzində öz fəaliyyətini müstəqillik, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında qurmuş, səlahiyyətləri daxilində tədbirlər görməklə bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olmuşdur.
İnsan hüquqlarının pozulması hallarında lazımi tədbirlər görülmüş, aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş, zəruri hallarda müvafiq tapşırıqlar verilmiş, təkliflər irəli sürülmüş, məsələlərin həllinə yönəlmiş məsləhət və tövsiyələr verilmişdir.
Nöqsan və çatışmazlıq aşkar edildiyi halda Müvəkkil vəzifəli şəxsləri konstruktiv tənqid etməklə yanaşı, onlarla faydalı əməkdaşlıq münasibətləri qurmuşdur.
Bütün fəaliyyəti dövründə istər dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, habelə kütləvi informasiya vasitələri, həmçinin beynəlxalq qurumlar və xaricdəki həmkarları ilə konstruktiv əməkdaşlıq şəraitində fəaliyyət göstərmiş Müvəkkil həm paytaxtda, həm də regionlarda əhali ilə müntəzəm görüşlər və qəbullar, habelə insan hüquqlarının müdafiəsinə həsr edilmiş müxtəlif mövzularda ictimai dinləmələr keçirmiş, yerli icra strukturlarını pozulmuş hüquqların bərpası işinə cəlb etməklə hüquqların müdafiəsinə, bununla da dövlətçiliyin möhkəmlənməsinə xidmət etmişdir.
Müvəkkilin həyata keçirdiyi fəaliyyət çərçivəsində istər Bakı şəhərində, istərsə də regionlarda daim insan hüquqlarının təmin edilməsinin monitorinqi aparılmış, vətəndaşların üzləşdikləri problem və çətinliklər, onların yaranması səbəbləri araşdırılmış, həlli istiqamətində müvafiq təkliflər irəli sürülmüş, tədbirlər görülmüş və bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
Cəmiyyətdə vasitəçilik ənənəsinin yeni formada bərqərar edilməsi məqsədi ilə Müvəkkil idarəetmənin sadələşdirilməsinə, vətəndaşların dövlət orqanlarına müraciətlərinin cavablandırılmasına, məmurların öz səlahiyyətlərindən sui-istifadə etmə hallarının qarşısının alınmasına, onlarla düzgün davranmasına, aşkarlığa əməl etməklə və qərəzsiz yanaşmaqla problemlərinin həllində yardımçı olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş insan hüquq və azadlıqlarının təmin edilməsinə görə dövlət və vətəndaş, habelə cəmiyyət və fərd qarşısında məsuliyyət daşıyan dövlət qurumları ilə əməkdaşlıqda Müvəkkil bir çox hallarda problemlərlə bağlı irad və təkliflərini kəskin şəkildə qoymuş, onun düzgün həlli yollarını göstərməklə yanaşı, aradan qaldırılmasına çalışmışdır.
Fəaliyyətinin səmərəli formalarından biri də Müvəkkilin müvafiq dövlət orqanlarının nümayəndələri və yerli icra hakimiyyəti başçıları ilə birlikdə yerlərdə əhalinin qəbulunun təşkil edilməsi, silsilə görüşlərin keçirilməsi olmuşdur.
Ötən dövrlərdə olduğu kimi, 2016-cı ildə də insan hüquqlarının pozulması hallarında müvafiq tədbirlər görülmüş, aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş, təkliflər irəli sürülmüş, ərizəçilərə onların hüquq və azadlıqlarını, vəzifələrini, habelə hüdudlarını müəyyən edən qanunlar izah edilmiş, münaqişələrin həllinə yönəlmiş məsləhətlər və təkliflər verilmişdir.
Qeyd edilməlidir ki, ölkənin müxtəlif bölgələrində yaşayan əhalinin Müvəkkilə müraciətlərinin asanlaşdırılması üçün ətraf rayonlar da əhatə edilməklə 4 regionda - Quba, Şəki, Cəlilabad və Gəncədə yaradılmış regional mərkəzlər, 24 saat fəaliyyət göstərən 916 nömrəli «Uşaq qaynar xətti» və işgəncələrə qarşı qaynar xətt fəaliyyətini müvəffəqiyyətlə davam etdirmişdir.
İnsanlar öz müraciətlərini Müvəkkilə müxtəlif vasitələrlə, o cümlədən poçt və elektron poçtu, online-müraciət qaydasında, aparatın qəbul otağı, regional mərkəzlər, qaynar xətlər vasitəsilə, Müvəkkilin və əməkdaşlarının cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qanunsuz miqrantların saxlanılma mərkəzlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışları zamanı təqdim etmişlər.
Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 148.750, 2016-cı ildə isə 18.740 müraciət daxil olmuşdur. Həmin müraciətlərin 70,1 %-i şikayətlərdən, 29,9 %-i isə ərizələrdən ibarət olmuşdur.
2016-cı ildə Müvəkkil və əməkdaşları tərəfindən aparatda və regional mərkəzlərdə, habelə respublikanın müxtəlif şəhər və rayonlarında, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə əhali ilə görüşlər, həmçinin yerlərdə, o cümlədən cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə, uşaq, ahıl və əlillər evlərinə, internatlara, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə, səhiyyə, təhsil və əhalinin sosial müdafiəsi müəssisələrinə baxışlar zamanı ümumilikdə 3.636 şəxs qəbul edilmiş, onlara müvafiq məsləhət və izahatlar verilmişdir.
Şikayətlərin Müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutların olmaması səbəbindən onların 57,4 %-nin baxılmasından imtina edilmişdir.
Şikayətlərin 42,6 %-i baxılmaq üçün icraata qəbul edilmiş, bunların da 63,6 %-i təmin olunmuşdur.
İl ərzində şikayətlərlə bağlı istər qəbulda və ya telefonla, istərsə də məktub vasitəsi ilə müxtəlif vaxtlarda vətəndaşlara çoxsaylı hüquqi məsləhət verilmiş, bir çox hallarda insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları və vasitələri, o cümlədən bu və ya digər məsələlərlə əlaqədar müvafiq orqanlara müraciət edilməsi ilə bağlı məsləhət və izahatlar verilmişdir.
İnsan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, müdafiəsi və pozulmuş hüquqların bərpası istiqamətində dövlət qurumları ilə əməkdaşlıq sahəsində əldə edilmiş əhəmiyyətli irəliləyişlər öz müsbət nəticələrini verməkdədir.
Müvəkkil cəmiyyətdə vətəndaşların öz hüquqlarının müdafiəsinin forma və üsullarının daha yaxşı dərk edilməsinə yardım edən hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində geniş maarifləndirmə tədbirləri həyata keçirmişdir. Belə ki, hüquqi biliklərin yayılmasına və artırılmasına, hüquq mədəniyyətinin yüksəldilməsinə xidmət edən maarifləndirmə tədbirləri ilbəil silsilə şəklində davam etdirilmiş və genişləndirilmişdir.
Ölkə prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda (MFPl), habelə 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nda (MFPr) nəzərdə tutulmuş tədbirlərin icrası işinin əlaqələndirilməsi, təbliği və tətbiqi vəziyyətinin monitorinqi və dəyərləndirilməsi, habelə hesabatların hazırlanması məqsədilə əhatəli iş 2016-cı ildə də davam etdirilmiş, Bakıda və regionlarda dövlət qurumları və vətəndaş cəmiyyəti institutları nümayəndələrinin iştirakı ilə respublikanın 57 şəhər və rayonunda ictimai dinləmələr keçirilmişdir.
2016-cı il dekabrın 28-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyinə, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Multikulturalizm ili”nə, habelə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 28 dekabr 2001-ci il tarixdə “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun qəbul olunması ilə ilk Ombudsman təsisatını yaradılmasının 15 illiyinə həsr olunmuş “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirilmişdir.
Ötən dövrdə keçirilən Azərbaycan Respublikası Milli Məclisinə III, IV və V çağırış seçkilərdə, o cümlədən təkrar və əlavə seçkilərdə, Azərbaycan Respublikası Prezidentinin 2003, 2008 və 2013-cü il seçkilərində, habelə bələdiyyələrə 2004, 2009 və 2014-cü il seçkilərində, o cümlədən təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərdə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə 2009 və 2016-cı illərdə keçirilmiş referendumda Müvəkkil və təsisatın əməkdaşları seçki hüququnun təmin edilməsi vəziyyətinin yerində öyrənilməsi məqsədilə müşahidəçi qismində iştirak etmişlər. Bu məqsədlə Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində müvafiq dövlət qurumlarının, dairə və məntəqə seçki komissiyalarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə əhali qrupları arasında seçicilərin hüquq mədəniyyətinin yüksəldilməsi və səsvermənin demokratik, azad və şəffaf keçirilməsinə xidmət edən silsilə tədbirlər təşkil edilmişdir.
Müvəkkilin fəaliyyətə başladığı vaxtdan etibarən insan hüquqlarına dair müxtəlif prioritet mövzularda ənənəvi olaraq 13 dəfə Ombudsmanların Bakı Beynəlxalq Konfransı keçirilmiş, birgə bəyannamə qəbul edilmiş və yayılmışdır.
Müvəkkilin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilmişdir.
Hər il «18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü» ərəfəsində bütün ölkə boyu «İnsan hüquqları aylığı» keçirilmişdir.
Cəmiyyətdə sülh mədəniyyətinin təbliği məqsədilə «Sülh aylığı» keçirilmiş, təsisatın əməkdaşları tərəfindən müxtəlif dövlət qurumlarının işçiləri üçün maarifləndirici məruzələr oxunmuş, vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlər təşkil edilmiş, televiziya və radio kanallarında sülh mövzusunda proqramlar yayımlanmış, məqalə və məlumatlar dərc edilmişdir.
«Uşaq hüquqları aylığı» çərçivəsində ölkənin şəhər və rayonlarında regional mərkəzlərin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə orta məktəblərdə və uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunmuş, «Uşaq hüquqları üzrə Pilləli Tədris Proqramı»nı müvəffəqiyyətlə bitirmiş şagirdlərə sertifikatlar təqdim edilmişdir.
Ölkənin müxtəlif regionlarında keçirilən tədbirlər zamanı təsisatda hazırlanmış hüquqi nəşrlər, tematik lifletlər, müxtəlif məcmuələr, broşürlər, kitabçalar və yaddaş vərəqələri iştirakçılara paylanmışdır.
Müvəkkil və əməkdaşları tərəfindən müxtəlif ali təhsil və ixtisasartırma müəssisələrində məruzələr oxunmuş, interaktiv diskussiyalar aparılmışdır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən “A” statusu ilə akkreditasiya olunmuş müstəqil milli insan hüquqları institutu qismində Müvəkkil Universal Dövri İcmal mexanizminin əhəmiyyətini, onun dövlətlərin insan hüquqları sahəsində götürdükləri öhdəliklərin daha səmərəli yerinə yetirilməsinə təsirini nəzərə alaraq, Universal Dövri İcmal mexanizminin anlayışı, İnsan Hüquqları Şurasına hesabatın hazırlanması, bu prosesdə dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının iştirakı imkanları barədə geniş maarifləndirmə işi həyata keçirmişdir.
Müvəkkil dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə müntəzəm olaraq birgə məsləhətləşmələr keçirmiş, nəticədə tövsiyələrinin əksəriyyətinin icrasına nail olunmuşdur.
Təsisatın beynəlxalq əlaqələr sahəsində həyata keçirdiyi fəaliyyət də əhəmiyyətli olmuşdur. Müvəkkil və əməkdaşları 2016-cı ildə müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, geniş fikir və təcrübə mübadiləsi aparmışlar.
Ötən illərdə BMT və onun ixtisaslaşmış bölmələri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlıq, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası və digər beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq davam etdirilmişdir.
Müvəkkil Ermənistan ordusu tərəfindən atəşkəsin müntəzəm şəkildə pozulması nəticəsində yaralanaraq, əsir düşmüş və ya girov götürülmüş vətəndaşlarımızın və əsgərlərimizin azad olunması və onların qaytarılması, eyni zamanda Azərbaycan Respublikasının Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş, tanınmayan separatçı “Dağlıq Qarabağ Respublikası”nın məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları, onlarla beynəlxalq hüquqi normalara uyğun davranışın təmin edilməsi ilə bağlı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinin baş iqamətgahına müraciətlər etmişdir.
Müvəkkil aprel ayının əvvəlində cəbhə bölgəsində düşmən təxribatının qarşısının alınması zamanı qəhrəmancasına həlak olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə baş çəkmiş, şəhidlərin yaxınlarına başsağlığı vermiş, müalicə alan əsgərlərimizə şəfalar diləmişdir.
Həmçinin cəbhə bölgəsindəki Ağdam, Tərtər, Goranboy və Füzuli rayonlarının təmas xəttində yerləşən kəndlərə baş çəkən Müvəkkil hadisələr zamanı  düşmən silahlı qüvvələri tərəfindən iri çaplı və ağır artilleriya silahlarından açılmış atəş nəticəsində çoxsaylı evlərin, məktəblərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşdüyünün şahidi olmuş, kənd sakinləri ilə görüşüb söhbət etmiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş və Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması və dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, kəndin bərpası ilə bağlı dörd, habelə kəndə gedən avtomobil yolunun tikintisi məqsədi ilə 4,3 milyon manat ayrılmışdır ki, bu da “Böyük qayıdış”ın başlanğıcıdır.
Müvəkkil dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarına müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına, eyni zamanda davamlı olaraq dünya ictimaiyyətini çaşdıran saxtakarlıqlara son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə və Azərbaycanın haqq işinə dəstək verməyə, beynəlxalq qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgə yaşayışın bərpa edilməsi məqsədilə müvafiq dinləmələr keçirməyə və bu istiqamətdə konkret tədbirlər görməyə çağırmışdır.
Ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xaricdəki diaspor təşkilatlarının inkişaf etdirilməsi və onlarla əlaqələrin genişləndirilməsi istiqamətində də bir sıra önəmli tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, xarici ölkələrdə məskunlaşmış azərbaycanlıların hüquqlarının müdafiəsi üzrə fəaliyyət də davam etdirilmişdir. Müvəkkil və əməkdaşları müxtəlif ölkələrə səfərlər çərçivəsində Azərbaycan diasporunun üzvləri, orada yaşayan vətəndaşlarımızla, habelə tələbələrlə görüşmüş, problemləri ilə maraqlanmışlar.
Ötən illər ərzində Müvəkkil qanunvericiliyin təkmilləşdirilməsi, həmçinin dövlət səviyyəsində həyata keçirilən bir sıra plan və proqramların icrası, habelə monitorinqi prosesində iştirak edərək, öz rəy və tövsiyələrini vermiş, onları insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından dəyərləndirmiş, bir sıra proqram layihələrinin hazırlanması prosesində iştirak etmiş, Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə, Konstitusiya Məhkəməsinə, Nazirlər Kabinetinə, nazirlik və komitələrə, digər icra strukturlarına insan hüquq və azadlıqlarının pozulması halları barədə müxtəlif məlumatlar və problemlərin həlli yollarına dair tövsiyələr, habelə insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi və etibarlı müdafiəsi ilə bağlı müxtəlif təkliflər göndərilmişdir.
Azərbaycan Respublikasının ilk insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) həyata keçirdiyi çoxşaxəli fəaliyyətin nəticələri bir daha göstərir ki, ölkəmizdə insan  və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sahəsində milli insan hüquqları institutu olaraq tam şəkildə formalaşmaqla böyük inkişaf yolu keçmiş bu təsisat müstəqil qurum kimi zərurətdən yaranmış, özünü böyük əminliklə təsdiq etmişdir.

 

I fəsil.

 

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
müdafiəsi sahəsində fəaliyyət

 


1.1. Mülki və siyasi hüquqların müdafiəsi

Azadlıq hüququ. Dövlət tərəfindən vətəndaşların bu hüquqlardan yararlanması istiqamətində ötən dövrlərdə davamlı tədbirlər həyata keçirilmişdir.
Respublikanın şəhər və rayonlarında keçirilən, polis orqanlarının vəzifəli şəxslərinin də iştirak etdikləri silsilə ictimai dinləmələr çərçivəsində aparılmış monitorinqlər göstərmişdir ki, şəxsiyyət vəsiqələrinin verilməsi və vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədlərin qəbul olunması prosesində əvvəllər mövcud olmuş süründürməçilik halları, başqa çətinliklər və təşkilati problemlər aradan qaldırılmışdır.
Yerli polis orqanlarına məxsus inzibati binaların əsaslı təmir edilməsi, yenidən qurulması və ya yenisinin inşa edilməsi də iş şəraitinin yaxşılaşmasına səbəb olmuşdur.
Əhaliyə 200-dən çox xidmət göstərən və 13 milyondan artıq müraciət qəbul etmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti nəticəsində vətəndaşların şəxsiyyət vəsiqələri və pasportlarla təmin edilməsi asanlaşdırılmışdır.
2016-cı ildə şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından Müvəkkilin ünvanına yalnız 65 müraciət daxil olmuşdur. Həmin müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində vətəndaşların pozulmuş hüquqları bərpa edilmişdir.
Müxtəlif səbəblərdən daimi yaşayış yeri olmayan vətəndaşlar Nazirlər Kabinetinin 55-s saylı sərəncamı əsasında qeydiyyata alınmış və şəxsiyyət vəsiqəsi ilə təmin edilmişlər.
Məhkəmə qərarına əsasən daimi qeydiyyatdan çıxarılmış şəxslərin müvafiq ərazinin polis orqanının inzibati binasına qeydiyyata alınmasına dair müddəanın “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 1996-cı il l4 aprel tarixli, 55-IQ saylı Qanununa müvafiq əlavə edilməsi zəruridir.
Qeyd edilənlərlə yanaşı, ünvan verilməyən yaşayış massivlərinin ünvanlaşdırılması, habelə özbaşına tikililərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, həmin evlərdə yaşayan vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı məsələlərin həllinin sürətləndirilməsi təklif edilmişdir.
Bələdiyyələr tərəfindən respublikanın ayrı-ayrı yerlərində, xüsusilə də Bakı şəhərində müxtəlif vətəndaşlara fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində ev tikmiş və artıq orada yaşayan vətəndaşların da yaşadıqları yer üzrə daimi qeydiyyata alınması ötən dövrün ciddi problemlərindən olmuşdur.
Azərbaycan Respublikası vətəndaşlarının xaricdə, hüquqi sənədin tərəfi olan ölkənin vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları ilə əlaqədar qarşılıqlı məlumatlandırma və pozulmuş hüquqların bərpasına verilmiş səlahiyyətlər çərçivəsində Müvəkkil digər ölkələrdə müvəqqəti yaşayan və hüquqları pozulmuş vətəndaşlarımızın da hüquqlarının müdafiəsi istiqamətində tədbirlər görmüşdür.

Müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqları. Şəxsin azadlığı onun şəxsi toxunulmazlığı ilə sıx bağlıdır. Azadlıq və şəxsi toxunulmazlıq müvafiq məhkəmə qərarı olmadan həbsin və həbsdə saxlamanın yolverilməzliyini özündə ehtiva edir.
Müvəkkil və aparatın əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həbs yerlərinə - Daxili İşlər Nazirliyinin şəhər və rayon polis idarə, şöbə və bölmələrinin müvəqqəti saxlama yerlərinə, Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, həmçinin həmin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Pasport, Qeydiyyat və Miqrasiya Baş İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin müvəqqəti saxlanılma yerlərinə, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma mərkəzlərinə, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlanılma Yerinə və İstintaq Təcridxanasına, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təcridxanalarına müntəzəm olaraq çoxsaylı baxışlar keçirilmişdir.
Müvafiq həbs yerlərində, o cümlədən müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılan şəxslərlə görüşərək, aparılan təkbətək söhbət zamanı onların saxlanılma şəraiti, habelə bu şəxslərlə rəftar qaydaları araşdırılmış, hüquqları izah edilmiş, saxlanılması ilə bağlı ailəsinə xəbər verilməsi, vəkillə təmin olunması, tibbi müayinədən keçirilməsi, şübhəli şəxs qismində saxlanılarkən insan hüquqlarının izah edilməsi, polis orqanlarında saxlanılan vaxt prokuror nəzarətinin aparılması vəziyyəti araşdırılmış, həmçinin bunun qanuniliyinə dair müvafiq sənədlərlə tanış olunmuşdur.
Söhbət aparılan şəxslər, bir qayda olaraq, saxlanıldıqları müddət ərzində onlara qarşı insan ləyaqətini alçaldan kobud rəftara yol verilmədiyini, saxlanma şəraitindən, həmçinin polis və ya Penitensiar Xidmət əməkdaşlarının onlarla rəftarından şikayətlərinin olmadığını bildirmişlər. Bununla yanaşı, bəzi saxlanılan şəxslər istintaqın gedişindən narazı olduqlarını bildirmişlər.
Bütün ölkə üzrə yerli polis orqanlarının müvəqqəti saxlama yerlərində beynəlxalq normalara və standartlara cavab verən şərait yaradılmış, yeni saxlama yerləri inşa edilərək istifadəyə verilmiş, həmçinin əsaslı təmir olunmuş və ya yenidənqurma işləri aparılmışdır.
Ötən illər ərzində davamlı olaraq həyata keçirilmiş baxışların nəticəsi kimi müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun yenidən qurulması istiqamətində zəruri tədbirlər görülmüş, saxlanılan şəxslərin sosial-tibbi və sair zəruri tələbatının ödənilməsi baxımından həmin yerlər, dindirmə, görüş, ibadət və digər köməkçi otaqlarla, həmçinin müasir həyəcan və mühafizə siqnalizasiya sistemi ilə təchiz edilmiş, orada xidmətin aparılmasına və saxlanılan şəxslərin davranışına nəzarəti gücləndirmək məqsədi ilə video nəzarət qurğuları quraşdırılmışdır. Eyni zamanda müvəqqəti saxlama yerlərində xidmətdə olan polis əməkdaşlarına və kameralarda saxlanılan şəxslərin davranışına nəzarət gücləndirilmişdir.
Müxtəlif şəxslər tərəfindən ünvanlanmış, o cümlədən şikayətlərdə öz əksini tapmış, habelə qəbulda olarkən verilmiş və ya 24 saat fəaliyyət göstərən «qaynar xətt»lər vasitəsilə çatdırılmış məlumatlar əsasında müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına çoxsaylı baxışlar keçirilmiş, insan hüquqlarının pozulması halları aşkar edildiyi təqdirdə onların bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülmüş, eyni zamanda qrupun fəaliyyətinin nəticələri ilə bağlı kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar verilmişdir.
Polisə gətirilmiş və orada saxlanılan şəxslərə inzibati binalarda yerləşdirilən lövhələr vasitəsilə ölkə konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları, beynəlxalq normalar və Daxili İşlər Nazirliyinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədləri əsasında hazırlanmış hüquq və vəzifələri ilə tanış olmaq imkanı yaradılmışdır.
Fəaliyyətinin ilk günlərindən müxtəlif vaxtlarda keçirilmiş çoxsaylı baxışlar zamanı aşkar edilmiş qanun pozuntularının, nöqsan və çatışmazlıqların aradan qaldırılması, həmçinin müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı irad və təkliflərlə müvafiq polis idarə və şöbələrinin rəislərinə, zəruri hallarda isə Azərbaycan Respublikasının Baş prokuroruna, habelə daxili işlər və ya ədliyyə nazirlərinə müraciətlər edilmiş, nəticədə qanun pozuntusuna yol verildiyi təsdiqləndiyi halda, müvafiq əməkdaşlar intizam məsuliyyətinə cəlb olunmuş, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülmüş, buna yol vermiş əməkdaşlar tutduğu əmələ görə cəzalandırılmışlar.
Belə ki, bəzən polis idarə, şöbə və bölmələrinin müvafiq vəzifəli şəxsləri tərəfindən müvəqqəti saxlama yerlərində saxlanılanlarla görüşüb söhbət etməyə və saxlanılmasına əsas verən sənədlərlə, o cümlədən bölməyə gətirilənlərin qeydiyyatı kitabı ilə tanış olmağa şəraitin yaradılmaması və ya bundan imtina edilməsi, həmçinin şəxsin tutulmasına dair protokolun tərtib edilməməsi və ya bölməyə gətirilənlərin qeydiyyatı kitabında adının qeyd olunmaması halları da olmuşdur.
Rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə silsilə baxışlar keçirilərkən bəzən orada normadan artıq şəxslərin saxlanılması, tutma haqqında protokolların müəyyən edilmiş qaydada gerbli möhürlə təsdiq edilmədiyi də aşkar edilmiş, bununla bağlı iradlar bildirilmiş, bu nöqsanlar aradan qaldırılmışdır.
Daxili İşlər Nazirliyi tərəfindən polisə gətirmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi də gündəlik nəzarətdə olmuş, dövlət və qeyri-hökumət təşkilatlarının, habelə Müvəkkilin müşahidəçilərinin müvəqqəti saxlama yerlərində məhdudiyyətsiz monitorinq keçirmələri üçün lazımi şərait yaradılmışdır.
Rəsmi məlumata əsasən, xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 28 əməkdaşı intizam qaydasında cəzalandırılmış, onlardan 3-ü daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 25 əməkdaş barəsində intizam tədbirləri görülmüşdür.
Müvəkkil böyük ictimai təhlükə törətməyən cinayətlərə görə nəzərdə tutulmuş cəzanın daha yüngül sanksiyasının və ya alternativ cəzanın tətbiq edilməsini, ilk dəfə cinayət xarakterli əmələ yol vermiş, peşmançılıq çəkən vətəndaşların cəmiyyətə və sağlam həyat tərzinə qayıtmasına şərait yaradılmasını məqsədəmüvafiq hesab edir.

Şərəf və ləyaqətin müdafiəsi hüququ. MFPr-in respublikamızın regionlarında təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə ölkənin hər bir şəhər və rayonunda keçirilən ictimai dinləmələr zamanı Müvəkkil tərəfindən rayon (şəhər) polis orqanlarının rəhbərliyi və şəxsi heyəti ilə görüşlər keçirilmiş, onlarla hüquqi maarifləndirmə işi aparılmış, insan hüquq və azadlıqlarının təmin olunmasının vacibliyi diqqətə çatdırılmış, bu sahədə əməkdaşlıq məsələləri müzakirə edilmiş, təsisatın hüquqi nəşrləri, tədris vəsaitləri, qaynar xəttə dair plakatlar təqdim edilmiş, həmin vəsaitlərin öyrənilməsi, treninq və təlimlərdə istifadə olunması, təcrübədə tətbiqi tövsiyə olunmuşdur.
Bu hüququn pozulması ilə bağlı 2016-cı ildə Müvəkkilin ünvanına 691 müraciət daxil olmuşdur. Həmin müraciətlər üzrə aidiyyəti qurumlara yoxlama tapşırıqları verilmiş, şikayətlərin bir çoxu üzrə yerində araşdırmalar aparılmış, müvafiq tədbirlər görülmüş, günahkar şəxslər intizam qaydasında cəzalandırılmışlar.
Müraciətlər üzrə aparılmış yoxlamaların nəticələri ilə bağlı Müvəkkilə verilmiş cavablarda, bir qayda olaraq, işgəncə xarakterli davranış və ya rəftar hallarının qeydə alınmadığı bildirilmişdir.
Müvəkkil davamlı olaraq vətəndaşların şərəf və ləyaqətinin müdafiəsi hüququnun dövlətin məcburetmə səlahiyyətlərinə malik müvafiq qurumlarının, xüsusilə də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baş verən və ya baş verə biləcək pozulması hallarının qarşısını almaq məqsədilə məmurların davamlı maarifləndirmə tədbirlərinə cəlb edilməsini təklif etmişdir.
Qeyd edilməlidir ki, belə maarifləndirmə tədbirləri vətəndaş-məmur münasibətlərinin təkmilləşdirilməsinə, hüquq-mühafizə orqanlarına olan etimadın daha da  yüksəlməsinə xidmət edir və bu istiqamətdə görülən işlər təqdirəlayiqdir.

Müvəkkilin işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyəti. Milli Preventiv Mexanizm (MPM) qismində Müvəkkil fəaliyyətini milli və beynəlxalq təcrübəyə, beynəlxalq müqavilə qurumlarının tövsiyələrinə uyğun olaraq, preventiv başçəkmələr, hüquqi təhlil, hüquqi maarifləndirmə, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıqdan ibarət dörd əsas istiqamət üzrə həyata keçirmişdir.
MPM qismində Müvəkkil və onun Milli Preventiv Qrupu (MPQ) tərəfindən  ölkənin hər bir şəhər və rayonunda yerləşən 240-dək saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin, penitensiar müəssisələr, müvəqqəti saxlanılma yerləri, təhsil, səhiyyə, sosial, miqrasiya və dövlət uşaq müəssisələrinin siyahısı müəyyən edilmişdir. Bunlara Daxili İşlər, Ədliyyə, Müdafiə, Təhsil, Səhiyyə, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Təhlükəsizliyi, habelə Dövlət Miqrasiya xidmətlərinin, həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin müvafiq müəssisələri daxildir.
2016-cı ildə MPQ tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə mütəmadi olaraq plan üzrə və ya plandankənar olmaqla, əvvəlcədən xəbərdarlıq edilmədən ümumilikdə 337, o cümlədən plan üzrə 254, plandankənar isə 83 başçəkmə təxirə salınmadan həyata keçirmişdir.
Qeyd edilənlərdən, Daxili İşlər Nazirliyinin müvəqqəti saxlanılma yerlərinə 204, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, həbsxana və müalicə müəssisəsi də daxil olmaqla 65,  Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanası və Müvəqqəti saxlanılma yerinə 4, Müdafiə Nazirliyinin intizam xarakterli hərbi hissəsinə və hauptvaxtına 1, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılma Mərkəzinə 2, Təhsil Nazirliyinin xüsusi təlim-tərbiyə, habelə internat müəssisələrinə və xüsusi peşə məktəbinə 27, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pansionat, ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərinə 6, Səhiyyə Nazirliyinin psixiatriya xəstəxanalarına, ruhi-əsəb dispanserlərinə, psixonevroloji uşaq evinə, uşaq və körpələr evlərinə 23, yerli icra hakimiyyətlərinin tabeliyində olan uşaq evlərinə 5 başçəkmə həyata keçirilmişdir.
Başçəkmələrdə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanılma şəraiti, tibbi xidmətin vəziyyəti, qidanın rasionu və keyfiyyəti, habelə onlara ünvanlanan proqramlar, asudə vaxtlarının təşkilinin vəziyyəti ilə yerində tanış olmaqdır. Bu zaman saxlanılan şəxslərlə konfidensialllıq təmin olunmaqla təklikdə görüşlər də keçirilmişdir.
Başçəkmələr zamanı müvəqqəti saxlanılma yerlərində 691, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində 497, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər müəssisələrdə 800-dək saxlanılan şəxslə təklikdə, həmçinin bu müəssisələrdə çalışan 500-dək xidmət əməkdaşı ilə hüquqi maarifləndirici fərdi söhbətlər aparılmışdır. Bu zaman müəssisə rəhbərləri və aidiyyəti vəzifəli şəxslər tərəfindən MPQ üzvlərinə lazımi şərait yaradılmış, pozuntuların aradan qaldırılması üzrə tövsiyələri nəzərə alınmışdır.
Hər il planlı və plandankənar şəkildə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə həyata keçirilən başçəkmələr zamanı müraciət edən çoxsaylı şəxslə təklikdə və konfidensial görüşlər keçirilməklə yanaşı, onların müraciətləri qəbul edilmiş və yerində araşdırılmışdır. MPQ-yə çatdırılan müraciətlər nəzərə alınmaqla müvafiq tədbirlər görülmüş, hüquqi məsləhətlər verilmiş, icraata qəbul edilməsi təmin edilmişdir.
Başçəkmələrdə, habelə saxlanılan şəxslərdən, onların ailə üzvlərindən və vəkillərindən, həmçinin hüquq müdafiəçilərindən aparata və qaynar xətlərə, eyni zamanda qeyri-hökumət təşkilatlarından və Beynəlxalq Qızıl Xaç Komitəsindən Müvəkkilə ünvanlanmış müraciətlər üzrə aparılmış araşdırmalar da daxil olmaqla, çoxsaylı şəxslər qəbul olunmuşdur.
Bu sahədə olan müraciətlərlə bağlı müvafiq araşdırmalar aparılmış, zərurət yarandıqda isə yoxlanılması üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə və digər əlaqədar dövlət qurumlarına müraciət edilmişdir. Araşdırmaların nəticəsi barədə müraciət edən şəxslər hər bir halda rəsmi qaydada, vaxtında, yazılı surətdə cavablandırılmışlar. “Qaynar xətti”n əlaqə nömrələrinin göstərildiyi müvafiq elanlar monitorinq edilmiş və olmayan yerlərdə asılması təmin edilmişdır.
Müvəkkil MPM qismində fəaliyyəti çərçivəsində kobud rəftar hallarının qarşısının alınması üzrə tədbirlərin gücləndirilməsi məqsədilə müvafiq qurumlara tövsiyələr vermiş, habelə Ədliyyə Nazirliyi yanında İctimai Komitə ilə əməkdaşlıq etmişdir.
Başçəkmələrin keçirildiyi müəssisələrin müəyyən hissəsinin yeni tikildiyi və ya əsaslı təmir olunduğu müəyyən edilmişdir. Orada saxlanılan şəxslər, bir qayda olaraq, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməmişlər.
Başçəkmələr zamanı görülmüş müsbət işlərlə yanaşı, nöqsanlar da aşkar edilmiş, onların aradan qaldırılması, habelə aşkar edilmiş nöqsanların və şəraitin yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə aidiyyəti dövlət qurumlarına müraciət olunmuşdur.
Müvəkkilin MPM qismində fəaliyyətinə dair 2016-cı ildə Azərbaycan və ingilis dillərində 93 rəsmi mətbuat xülasəsi yayımlanmış, həmin məlumatlar Ombudsmanın internet səhifəsində yerləşdirilmiş, geniş ictimaiyyətə açıqlanmış, KİV-də dərc olunmuş, habelə beynəlxalq təşkilatlara göndərilmişdir.
«İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv mexanizm qismində fəaliyyətə dair» 2009-2010, 2011, 2012, 2013, 2014 və 2015-ci illər üzrə hesabatlar Azərbaycan və ingilis dillərində nəşr olunaraq təsisatın saytında yerləşdirilmiş, ictimaiyyətə və ixtisaslaşmış beynəlxalq qurumlara, o cümlədən BMT-nin İşgəncələrin qarşısını almaq üzrə Alt Komitəsinə (SPT), Avropa İşgəncələrin qarşısının alınması üzrə Komitəsinə (CPT) və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyaya (APT) göndərilmiş, 2016-cı il üzrə hazırlanmış yeddinci hesabat tərcümə edilərək həmin ünvanlara təqdim olunacaqdır.
MPM funksiyalarını yerinə yetirən təsisat kimi Müvəkkil 2016-cı ildə mövcud sahədə beynəlxalq əməkdaşlığın qurulmasına xüsusi önəm vermiş, MPQ üzvlərinin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində zəruri işlər görülmüşdür.
İşgəncələr əleyhinə MPM sahəsində fəaliyyətin səmərəli təşkili və təkmilləşdirilməsi məqsədilə beynəlxalq qurumların, o cümlədən CPT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşlər keçirilmiş, qarşılıqlı fikir mübadilələri aparılmışdır.

Fikir və söz azadlığının səmərəli təmin edilməsi, azad mətbuatın inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki imkanlarının artırılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir.
Müvəkkil insanların şərəf və ləyaqətini alçaldan, habelə işgüzar və peşəkar nüfuzuna xələl gətirən, milli-mənəvi və əxlaqi dəyərlərə ziyan vuran yazıların qarşısının qanunla müəyyən edilən tədbirlərlə alınmasını məqsədəmüvafiq hesab edir.
İnternetin tam azad, əhalinin isə 75 %-dən çoxu internet istifadəçisi olduğu bir vaxtda azad mətbuatın inkişafı əsas şərtdir. Azad fikir söyləyən insanla yanaşı, barəsində fikir bildirilən insan da vurulmuş mənəvi ziyanın, işgüzar nüfuzuna zərərin ödənilməsinin təmin edilməsi üçün qanuni vasitələrdən istifadə etmək hüququna malikdir.
Jurnalistlərin peşəkarlığının artırılması qeyd edilən çatışmazlıqların aradan qaldırılmasında mühüm vasitədir. Eyni zamanda müxtəlif baxışları və ideyaları özündə əks etdirən, müstəqil fikrə malik olan kütləvi informasiya vasitələrinin dəstəklənməsi təqdirəlayiq haldır.
Ötən dövrlərdə Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə həm Milli Mətbuat gününə, həm də Ümumdünya Mətbuat Azadlığı gününə həsr edilmiş müxtəlif tədbirlər keçirilmiş, fikir, söz və mətbuat azadlığının etibarlı müdafiəsinə xidmət edən mövzular üzrə fikir mübadilələri aparılmış, səlahiyyətli qurumlara təklif və tövsiyələr ünvanlanmışdır.
«3 May - Ümumdünya Mətbuat Azadlığı günü» münasibətilə Müvəkkil Mətbuat Şurasına ünvanladığı müraciətdə Şuranın kollektivini və bütün media nümayəndələrini təbrik etmiş, kütləvi informasiya vasitələri nümayəndələrinin xalqımızın taleyüklü məsələlərinin, sağlam mənəvi dəyərlərin formalaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirak edəcəklərinə, insan hüquqlarının həyata keçirilməsi, ölkəmizin  nüfuzunun artması naminə bundan sonra da öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirmişdir.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin milli prioritetlərin işıqlandırılmasında, respublikada gedən dinamik proseslərin, xalqın taleyüklü məsələlərinin, habelə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, ədalətin dəstəklənməsində fəal iştirakı, söz və mətbuat azadlığının, fikir plüralizminin, peşə etikasının davamlı olaraq yüksəldilməsi, insanların hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsində bilik, bacarıq və peşəkarlıq nümayiş etdirilməsi zəruridir.
Müvəkkil insan hüquqları mövzusunda yazan jurnalistlərin maarifləndirilməsinə və təşəbbüslərinə daim diqqətlə yanaşmış, müxtəlif vaxtlarda maarifləndirmə tədbirləri və jurnalist yazıları üzrə ənənəvi müsabiqələr də keçirilmişdir.
Ənənəvi olaraq, hər il «10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü» münasibətilə parlament üzvlərinin, dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransda «Hüquqlar - hamı üçün!» adlı jurnalist yazıları müsabiqəsinə yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar. Yekunda əsas diqqət fikir və söz, habelə mətbuat azadlığının müdafiəsinə, bunun vətəndaş cəmiyyətinin bərqərar olmasında əhəmiyyətinə yönəldilmişdir.
İnformasiya cəmiyyətində kütləvi informasiya vasitələri və jurnalistlər üçün paytaxt və regionlarda birgə silsilə maarifləndirici treninqlərin təşkili, müvafiq tədris proqramları və modullarının hazırlanaraq çap olunması, media nümayəndələrindən və jurnalistlərdən ibarət İşçi qrupunun yaradılması, jurnalist kadrlarının yetişdirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin peşəkarlığının yüksəldilməsi və ixtisaslaşmasına diqqətin artırılması xüsusi əhəmiyyət kəsb edir.
Aparatda elektron və yazılı medianın, rəqəmsal və online-jurnalistikanın inkişafı, jurnalistlərin, o cümlədən hüquq mövzusunda yazan media nümayəndələrinin peşə hazırlığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəsi imkanlarının artırılması, informasiya açıqlığı və şəffaflığı, internet resurslarının, ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi istiqamətində silsilə tədbirlər keçirilir, media təmsilçilərinin fikir və mülahizələri nəzərə alınır.
Hər il olduğu kimi, 2016-cı ildə də kütləvi informasiya vasitələri nümayəndələrinin – jurnalistlərin hüquqlarının müdafiəsini, söz və ifadə azadlığının təmin olunmasını daim diqqətdə saxlayan Müvəkkil jurnalistlərə qarşı kobud rəftar hallarını nəzarətdə saxlamış, onların vəziyyətinə xüsusi diqqətlə yanaşmış, zərurət yarandıqda müdaxilə etmişdir.
Mətbuat nümayəndələrinin və jurnalistlərin hüquqlarının etibarlı müdafiəsi, fikir, söz və ifadə azadlığının səmərəli təmin olunması məqsədilə Müvəkkil daim jurnalistlərə qarşı kobud rəftar hallarının yolverilməz olduğunu bildirmiş, bununla yanaşı, səlahiyyətli dövlət qurumlarına müraciətlərində belə hallara yol verən şəxslərin, o cümlədən məmurların qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını tövsiyə etmişdir.
Belə ki, törətdikləri əmələ uyğun olaraq, habelə dünya təcrübəsində hüquq pozuntusuna yol vermiş kütləvi informasiya vasitələri nümayəndələrinin tənbehi ilə bağlı alternativ üsulların tətbiqinə daim diqqəti yönəltmiş Müvəkkil fəaliyyəti dövründə jurnalistlərə qarşı hər hansı pozuntu ilə bağlı aparılan təhqiqat və ya istintaq proseslərinin tam, hərtərəfli və obyektiv aparılması, kobud rəftara yol verildiyi halda müvafiq şəxslərin aşkarlanması, törədilmiş əmələ görə qanunauyğun cəzalandırılması məqsədi ilə müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətlər etmişdir. Preventiv üsul kimi müvafiq səlahiyyətli dövlət qurumlarının əməkdaşlarına təlimlər keçirilməsini və onların arasında geniş izahat işi aparılmasını, habelə qeyri-adekvat güc tətbiq olunmadan qanunauyğun davranış qaydalarına riayət edilməsini tövsiyə edilmişdir.
Müvəkkil və onun tapşırığına əsasən, aparatın əməkdaşları davamlı olaraq penitensiar müəssisələrə və müvəqqəti saxlama yerlərinə baxışlar keçirmiş, məhkum jurnalistlərin saxlanılma şəraiti, qidalanmaları, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti və ehtiyaclarını öyrənmiş, hüquqlarını izah etmiş, qanun və səlahiyyətləri çərçivəsində tədbirlər görülmüşdür.
Yeri gəlmişkən, bəzi nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti P.Aqramunt son ildə Azərbaycanda jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbsdən azad edilməsini müsbət hal kimi qiymətləndirmişdir.

İnformasiya əldə etmək azadlığı. Azad və müstəqil mətbuatın sərhədlərinin, habelə internetin əhatə dairəsinin genişlənməsi, elektron kütləvi informasiya vasitələrinin inkişafı informasiyalı cəmiyyətdə mühüm əhəmiyyət kəsb etməklə ən dəyərli vasitəyə çevrilmişdir.
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.
Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülmüşdür.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi və fəallaşdırılması, habelə elektron hökumətin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
«İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxsləri tərəfindən yerinə yetirilməsinə nəzarətin Müvəkkilə həvalə edilməsi, bu istiqamətdə Konstitusiya Qanununa uyğun olaraq, müstəqilliyinin daha səmərəli təmin edilməsinə xidmət etmişdir.
“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.3-cü bəndində 2013-2014-cü illərdə Müvəkkil aparatının strukturunun təkmilləşdirilməsi, aidiyyəti əməkdaşların ixtisaslaşmış treninqlərə cəlb edilməsi, habelə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2.1-ci bəndində Müvəkkilin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət imkanlarının gücləndirilməsi üzrə tədbirlərin görülməsi öz əksini tapmış, planın icrası ilə təmin edilmiş resurslar və həyata keçirilmiş gücləndirmə tədbirləri barədə məlumat verilməsi tövsiyə edilmişdir. Müvəkkil illik məruzələrində, habelə Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə ünvanladığı müraciətlərdə bu tədbirin icrasının sürətləndirilməsinə ehtiyac olduğunu bildirmişdir.
Ötən illərdə informasiya sahibləri olan dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, media hüquqları üzrə tanınmış ekspertlərlə silsilə məsləhətləşmələr aparılmış, informasiya əldə etmək hüququnun təmini istiqamətində  dövlət qurumları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
İnformasiya əldə etmək hüququ ilə bağlı daxil olmuş müraciətlər təhlil edilmiş, müvafiq qurumlara sorğular göndərilmiş, səlahiyyətlər çərçivəsində həmin müraciətlərin həlli üçün tədbirlər görülmüş, əksər hallarda öz həllini tapmışdır. Bununla belə, vətəndaşların informasiya sorğusunun cavablandırılmasında bəzi problemlər hələ də qalmaqdadır.
Hazırda cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, bu istiqamətdə geniş maarifləndirmə işinin aparılması zəruridir. Odur ki, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirən Müvəkkil informasiya əldə edilməsi sahəsində müsbət təcrübənin öyrənilməsi və aşılanması üzrə maarifləndirmə tədbirləri keçirmişdir.
Müvəkkilin təşəbbüsü və təşkilatçılığı, dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, tanınmış ictimai xadimlərin, habelə müəllim, valideyn və şagirdlərin iştirakı ilə ötən dövrlərdə informasiya əldə etmək azadlığının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə, o cümlədən elektron və yazılı medianın, rəqəmsal və online-jurnalistikanın inkişafı, insan hüquqları mövzusunda yazan mətbuat nümayəndələrinin peşə hazırlığının və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsinə xidmət edən müxtəlif tədbirlər təşkil edilmiş, fikir və mülahizələr nəzərə alınmışdır.
Müvəkkil istər ictimai dinləmələr, istərsə də monitorinqlər prosesində MFPr-də nəzərdə tutulmuş, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi üzrə tədbirləri də diqqətdə saxlamışdır.
Bakıda Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə azadlığı və media azadlığı” layihəsinin 2017-ci il üzrə iş planının müzakirəsi məqsədilə Rəhbər Komitənin iclası keçirilmiş, bu sahədə planlaşdırılan fəaliyyət barəsində müzakirələr aparılmış və gələcəkdə də belə layihələrin davam etdiriləcəyi qeyd edilmişdir.
Ötən dövrdə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa dair “Hüquqlarını bil və faydalan!” adlı yaddaş kitabçası hazırlanmış və regionların media nümayəndələri arasında yayılmış, informasiya sahibləri olan dövlət qurumlarının mətbuat xidmətləri barədə məlumat bankı tərtib olunmuşdur.

Vicdan azadlığı. Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun hər üçünün dini dözümlülük və tolerantlıq şəraitində fəaliyyət göstərdiyi, əməkdaşlıq etdiyi, müxtəlif din mənsublarının ayrı-seçkilik halları ilə qarşılaşmadıqları nadir ölkələr sırasındadır.
Respublikada dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dövlət tərəfindən dini icmalara maliyyə yardımı göstərilmiş, eyni zamanda dövlət hesabına məscidlərin, rus pravoslav, katolik və alban kilsələrinin, habelə sinaqoqların tikinti-təmir işləri həyata keçirilmişdir.
Müvəkkil vicdan, dini etiqad və əqidə azadlığının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi istiqamətində ölkədə gedən prosesləri diqqətdə saxlamış, daxil olmuş hər bir müraciət araşdırılmış, zəruri hallarda Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciətlər edilmişdir.
MFPr-in 4.11-ci bəndində bir sıra digər məsələlərlə yanaşı, mədəniyyətlər və dinlərarası dialoqun, eləcə də dini tolerantlığın gücləndirilməsi mövzusunda ölkədaxili və beynəlxalq tədbirlərin davam etdirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin əhəmiyyətinə xüsusi diqqət yetirən Müvəkkilin təşəbbüsü ilə istər respublikanın şəhər və rayonlarında keçirilmiş ictimai dinləmələr çərçivəsində, istərsə də müxtəlif vaxtlarda bu istiqamətdə tədbirlər təşkil edilmişdir.
Həmin tədbirlərdə, eyni zamanda həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquqda, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 9-cu maddəsində vicdan və din azadlığının təmin edilməsi sahəsində geniş hüquqlarla yanaşı, bir sıra məhdudiyyətlərin də nəzərdə tutulduğu göstərilmişdir. Belə ki, öz dininə və baxışlarına etiqad etmək azadlığının yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər.
BMT-nin İnsan Hüquqları Komissiyasının din və etiqad azadlığı məsələləri üzrə xüsusi məruzəçisi ilə əməkdaşlığı davam etdirmiş, eyni zamanda uşaq və gənclərə dini dözümlülüyün aşılanması üçün ötən dövrlərdə «Dinlər üşaqlar üçün» beynəlxalq şəbəkəsi ilə əlaqələr saxlanılmışdır.
Müvəkkil dinlər və mədəniyyətlərarası əməkdaşlığın, sülhün bərqərar olunmasına xidmət edən dialoqun inkişaf etdirilməsi, Azərbaycan Respublikasının tolerantlıq siyasətinin dünyada tanıdılması məqsədilə şəbəkə şəklində fəaliyyət göstərilməsini, bu məqsədlə prosesə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ictimaiyyətin, dini icmaların, milli mədəniyyət mərkəzlərinin cəlb edilməsini və bu istiqamətdə fəaliyyətin genişləndirilməsini zəruri hesab etmişdir.
Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş, dinşünas və ilahiyyatçı alimlərin də qatıldığı vicdan və əqidə azadlığına həsr edilmiş tədbirlərdə dini tolerantlıq, müxtəlif dini baxışları olan insanların qarşılıqlı münasibətləri, din vasitəsilə sülh mədəniyyəti, milli və dini dözümlülüyün bu sahədə rolu, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi, uşaq və gənclərə dini tolerantlığın aşılanması məqsədilə müzakirələr aparılmış, təklif və tövsiyələr verilmişdir.
Hər il Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə “16 noyabr - Beynəlxalq Tolerantlıq Günü” və «Ümumdünya Harmonik Münasibətlər Həftəsi» çərçivəsində tədbirlər, habelə şagirdlər üçün açıq məşğələlər keçirilmişdir.
Müvəkkil və əməkdaşları din, əqidə və vicdan azadlığına, o cümlədən dünyanın müxtəlif ölkələrində milli, irqi və ya dini nifrətə təhrikin qadağan edilməsi məqsədilə qanunvericilik sisteminin, məhkəmə və məhkəmədənkənar müdafiə mexanizmlərinin inkişaf etdirilməsi, bu sahədə mövcud müsbət təcrübənin təbliği və tətbiqi perspektivləri ilə bağlı mövzular üzrə təşkil edilmiş beynəlxalq tədbirlərdə də fəal iştirak etmişlər.
Bu tədbirlərdə respublikamızın dini etiqad azadlığının və dini qurumların qanuni fəaliyyətinin təmin edilməsi üçün şəraitin yaradıldığı, çoxmillətli ölkəmizdə tolerantlığın hökm sürdüyü, insan hüquq və azadlıqlarının müdafiə edildiyi və təmin olunduğu, qüvvədə olan müvafiq qanunvericilik aktlarında irqi, milli, dini, sosial ədavət, düşmənçilik oyadan təşviqata və təbliğata, digər hüquq pozuntularına görə məsuliyyət normalarının təsbit edildiyi, Müvəkkilin bu sahədə gördüyü işlər barədə geniş məlumat verilmişdir.
Dini icmaların nümayəndələri ilə görüşləri zamanı onlara dini etiqad azadlığı sahəsində milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərin tələbləri izah edilmiş, dövlətin ərazisində fəaliyyət göstərən bütün dini icmaların bərabər imkanlarla qanunauyğun fəaliyyət göstərməsi və hüquqa hörmətlə yanaşması bildirilmişdir.
Ölkəmizin müxtəlif regionlarında yaşayan dini icmaların və milli azlıqların nümayəndələri ilə görüşlər keçirən Müvəkkil vicdan azadlığının, habelə azsaylı xalqların və etnik qrupların milli-mənəvi dəyərlərdən istifadəsinə dəstək verilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yaxından maraqlanmış, onların fikir, təklif və müraciətlərini dinləmiş, öz səlahiyyətləri çərçivəsində hüquqi köməklik göstərmişdir.
Vicdan azadlığı sahəsində, dini zəmində yarana biləcək problemlərin həlli, baxışlar toqquşmasının və yanaşma fərqliliyinə görə mübahisələrin qarşısının alınması məqsədilə dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, dini konfessiyaların və icmaların nümayəndələrinin iştirakı ilə “Tolerant cəmiyyət” şəbəkəsinin yaradılması təklif edilmişdir.
Ölkədə dini icmaların iştirakı ilə din vasitəsilə sülh mədəniyyəti şəbəkəsinin yaradılması, mədəniyyətlərarası dialoqa, dinlərarası əməkdaşlığa dövlət, yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri nümayəndələrinin, icmaların şəbəkə şəklində cəlb edilməsi, dini tolerantlığı təbliğ etməklə insanlar arasında sülhə, sabitliyə, qarşılıqlı anlaşmaya, davamlı inkişafa, dəstəyə, əməkdaşlığa etibarlı zəmin yaradılması, uşaq və gənclərə dini tolerantlığın aşılanması, orta və ali məktəblərdə dünyəvi dinlərin tədris olunması təkliflər sırasında olmuşdur.
Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrilməsinin göstəricisi, tolerantlıq prinsiplərinə sadiqliyin nümunəsidir.
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərarın qəbul edilməsi isə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Müvəkkilin təşəbbüsü və təşkilatçılığı ilə UNESCO üzrə Azərbaycan Milli Komissiyası ilə birgə “Multikulturalizm ili”nə həsr olunmuş “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirilmiş, eyni zamanda Bakı şəhərində və regionlarda “Multikulturalizm və insan hüquqları”, “Azərbaycan multikulturalizmi insan hüquqları müstəvisində”, “Multikulturalizm və insan hüquqlarının müdafiəsi”, “Azərbaycan multikulturalizminin siyasi-elmi aspektləri” mövzularında silsilə tədbirlər təşkil olunmuşdur.
Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması üzrə tədbirlərin ölkə konstitusiyasında təsbit olunmuş mütərəqqi normalara uyğun olaraq, müxtəlif dini konfessiyalar, irqi və etnik mənsubiyyətə malik insanlar arasında münasibətlərin tənzimlənməsi, xalqlar arasında dostluğun və birgəyaşayışın qorunub saxlanmasına, beləliklə, onların hüquqlarının səmərəli təmininə xidmət edir.
Seçki hüququ. «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair 2016-cı il 26 sentyabr tarixində keçirilmiş referendum ərəfəsində Mərkəzi Seçki Komissiyası ilə birgə yerli icra hakimiyyəti orqanlarının, ətraf şəhər və rayonların dairə və məntəqə seçki komissiyalarının, bələdiyyə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilmiş, səsverməni Seçki Məcəlləsinin müddəalarına uyğun keçirmək, icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə ölkə  Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamlarının tələbləri iştirakçıların nəzərinə çatdırılmışdır.
Referendum ərəfəsində aparılan hazırlıq işlərinə, habelə seçki hüququnun təmin edilməsi vəziyyətinin monitorinqinə, eyni zamanda MFPr-də nəzərdə tutulmuş tədbirlərin icrası üzrə ölkənin hər bir rayonunda keçirilmiş ictimai dinləmələr zamanı səsverməyə hazırlıq məsələlərinə böyük önəm verilmişdir.
Müxtəlif seçki məntəqələrində monitorinqlər zamanı seçki qanunvericiliyinin və Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi təlimat və qaydaların tələblərinin pozulması halları aşkar edilməmiş, referendumqabağı hazırlıq prosesi seçki qanunvericiliynə müvafiq qaydada təşkil olunduğu, məntəqələrin böyük əksəriyyətində veb-kameraların, yeni səsvermə kabinələrinin, digər texniki avadanlıqların quraşdırıldığı, seçici siyahılarının dəqiqləşdirildiyi, daşınmaz və daşınan seçki qutularının sayının artırıldığı, seçicilərə bildirişlərin, Referendum Aktı layihəsinin çatdırıldığı müəyyən edilmişdir.
Referendum günü Müvəkkil və aparatın əməkdaşları Bakı şəhəri və ölkənin 52 rayonunda 87 seçki dairəsi üzrə 363 seçki məntəqəsində müşahidəçi qismində seçkilərə qatılmış, məcburi köçkün icmalarında, bir sıra hərbi hissələrdə, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin bəzi cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında səsvermə prosesini izləmişlər.
Bakı şəhərindəki bir çox seçki məntəqələrində səsvermə prosesini izləmiş, habelə respublikanın müxtəlif bölgələrində müşahidəçi qismində səsvermə prosesində iştirak edən əməkdaşlardan müntəzəm olaraq məlumatları qəbul etmiş Müvəkkil müşahidələrin nəticələrini ümumiləşdirərək müntəzəm qaydada Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzində kütləvi informasiya vasitələrinə və ictimaiyyətə çatdırmışdır.
Müşahidələrin nəticələrinə görə, ümumilikdə referendum üzrə səsvermə demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən edilmiş qaydada və nizam-intizamla keçirilmiş, mütəşəkkillik nümayiş etdirilmiş, eyni zamanda yerli icra strukturları və polis əməkdaşları tərəfindən səsvermə prosesinə müdaxilə halları aşkar olunmamışdır.
Ölkə Prezidentinin qanunvericilik təşəbbüsü əsasında ümumxalq səsverməsinə (referenduma) çıxarılmış təkliflərin ölkəmizin konstitusiyasında öz əksini tapması, ali hüquqi qüvvəyə malik olan bu sənədin insan hüquqları baxımından daha da zənginləşməsinə, eyni zamanda Azərbaycan xalqının, müstəqil respublikamızın demokratik, hüquqi dövlət kimi inkişafına öz töhfəsini vermişdir.
Beləliklə, dövlətimizin inkişafında irəliyə doğru mühüm addım olmuş referendum Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləmişdir.
Müraciət etmək hüququ. Müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində ölkəmizdə insanların müxtəlif xidmətlərdən istifadə etmək imkanları asanlaşmış, həmin xidmətlərin keyfiyyət və səmərəliliyi müraciət etmək hüququnun təmin edilməsi səviyyəsini artırmışdır.
Vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyalar tətbiq edilməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin müvəffəqiyyətlə davam etdirilməsi və şəbəkəsinin getdikcə genişləndirilməsi müraciət etmək hüququnun etibarlı müdafiəsində böyük əhəmiyyəti olmuşdur. Vətəndaşların müraciət etmək hüququnun səmərəli təmini məqsədilə regional elektron müraciət terminallarının yaradılması da böyük əhəmiyyət kəsb etmişdir.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarında vətəndaşların qəbulu müsbət təcrübə kimi dəyərləndirilmiş və əhali tərəfindən razılıq hissi ilə qarşılanmışdır.
Vətəndaşların müraciət etmək hüququnun səmərəli təmini məqsədilə regional elektron müraciət terminallarının yaradılması da böyük əhəmiyyət kəsb etmişdir.
Yerli icra hakimiyyəti başçıları və mərkəzi dövlət qurumlarının yerli strukturları tərəfindən əhali ilə mütəmadi görüşlərin keçirilməsi, onların problemləri ilə yerində tanış olunması aşkar edilmiş nöqsan və problemlərin vaxtında həll edilməsinə, baş verə biləcək hüquq pozuntularının qarşısının alınmasına kömək edir.
Müraciət etmək hüququnun pozulması ilə bağlı 2016-cı ildə Müvəkkilin ünvanına 259 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə öz əksini tapmış problem və məsələlər üzrə qanunvericilik aktlarının müəyyən etdiyi tələblərə uyğun təxirəsalınmaz, təcili və ya planlı tədbirlər görülmüş, ərizəçiləri narahat edən məsələlər araşdırılmış, müraciətlərin müvafiq dövlət qurumları, müəssisə, idarə və təşkilatları tərəfindən cavablandırılması təmin edilmiş, eyni zamanda məlumatlandırma və izahat işləri aparılmış, pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən, Müvəkkilə insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası müvafiq Konstitusiya Qanunu ilə tənzimlənir. Belə ki, Müvəkkil həmin Konstitusiya Qanununun 12.1-ci maddəsində göstərildiyi kimi, insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir.
Təhlillərin, monitorinqlərin və yerində araşdırmaların nəticələri göstərir ki, bir sıra hallarda vətəndaşların şikayətlə mərkəzi dövlət qurumlarına müraciət etməsinin əsas səbəbləri müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin və ya ayrı-ayrı məmurlarının öz vəzifələrini yetərincə icra etməməsi, müraciətlərə qarşı biganə münasibət göstərilməsi, vətəndaşların aidiyyəti dövlət qurumlarında qəbul edilməməsi, habelə lazımi izahatın verilməməsi kimi hallardır.
Dövlət qurumları və vəzifəli şəxslərin əsas vəzifəsi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Onlar vətəndaşlara qanunla müəyyən edilmiş dəstəyi verməyə, öz vəzifələrinin icrasına məsuliyyətlə və peşəkarcasına yanaşmağa borcludurlar. Bu baxımdan, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tabeliklərindəki strukturların fəaliyyətini daim nəzarətdə saxlamalı, qanun pozuntularının aşkar edilməsi, aradan qaldırılması və qarşısının alınması üzrə tədbirlər görməlidirlər.
Ölkə Prezidentinin dəfələrlə birbaşa göstəriş və tapşırıqlarına, habelə cəzalandırmalara, həmçinin idarəetmənin təkmilləşdirilməsinə və məmur-vətəndaş münasibətlərinin yeni tələblər səviyyəsində qurulmasına baxmayaraq, hələ də bəzi hallarda məmur özbaşınalığına və kobud rəftara yol verilir, bəzi məmurlar vətəndaşların etimadını doğrultmur, əhalinin qayğı və problemlərinə diqqətlə yanaşmırlar. Belə vəzifəli şəxslərin öz vəzifələrinin icrasına laqeyd münasibəti, habelə süründürməçilik halları problemlərin vaxtında aşkarlanmasına və həllinə imkan vermir.
Vətəndaşların müraciətlərinə cavab verməyən, onların problemli məsələlərinə səhlənkarlıqla yanaşan, onlara qarşı laqeydlik və biganəlik göstərən bəzi vəzifəli şəxslərin və ayrı-ayrı məsul məmurların qanunvericiliyin tələblərinə yetərincə riayət etməməsi səbəbindən baş verir. Bu hallar hazırda ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə istiqamətlənmiş ardıcıl tədbirlərin və davamlı inkişafın tələblərinə cavab verməməklə yanaşı, vətəndaşlarda narazılığın yaranmasına səbəb olur.
“Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində Prezident İlham Əliyev demişdir: “...Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır.”
Təhlillər göstərir ki, müraciət etdiyi çoxsaylı qurumlar arasında şikayətinə reaksiya verilməsinə ümid edən vətəndaş, əslində, bu şikayətin daha çox hansı quruma aid olduğunu müəyyən edə bilmir.
Müraciətlər üzrə Müvəkkil tərəfindən aidiyyəti dövlət qurumlarına yoxlama tapşırığı ilə bağlı verilmiş cavablarda bir sıra hallarda həmin vətəndaşın şikayəti əsəbiləşərək yazdığı, yanlışlığa yol verdiyi, savadı olmadığı üçün ərizədə yazılanlardan xəbərinin olmadığı, nəticədə araşdırma zamanı şikayətçi olmadığı, ərizəsinin etibarsız hesab edilməsini xahiş etdiyi kimi hallar göstərilmişdir ki, bu da müvafiq müraciətlərin obyektiv araşdırılmasını şübhə altına almaqla yanaşı, həmin ərizələrin müəyyən təsir və ya təzyiq altında yazılmasını istisna etmir.
Vətəndaşların müraciət etmək hüququnun daha etibarlı qorunması məqsədilə müraciətlərə baxılması və onların qəbulu sahəsində obyektivliyin, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən islahatların davam etdirilməsi məqsədəuyğundur.
Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ. Ölkəmizdə müasir məhkəmə infrastrukturunun yaradılması və təkmilləşdirilməsi, habelə əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması üzrə tədbirlər davam etdirilmişdir.
Müvəkkil ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası arasında qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri 2016-cı ildə də davam etdirilmiş, aparatın əməkdaşları müxtəlif vaxtlarda həmin akademiyanın dinləyiciləri, o cümlədən hakimliyə namizədlər qarşısında məruzələrlə çıxışlar etmiş, onların suallarını cavablandırmışlar.
MFPr-in təbliği və tətbiqi vəziyyyətinin monitorinqi məqsədilə Müvəkkilin ölkənin şəhər və rayonlarında keçirdiyi, hakimlərin də iştirak etdikləri silsilə ictimai dinləmələr zamanı vətəndaşların məhkəmə prosesində üzləşdikləri çətinliklər, məhkəmə qərarlarının icrası sahəsində mövcud problemlər və onların həlli imkanları barədə müzakirələr aparılmış, təklif və tövsiyələr verilmişdir.
Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ ilə bağlı 2.281 müraciət daxil olmuşdur. Bu müraciətlərdə məhkəmələrdə süründürməçilik, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmədə işə baxılma vaxtı və yeri haqqında iştirakçılara müvafiq bildirişin göndərilməməsi, mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, məhkəmə qərarlarının icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapmışdır. Araşdırma zamanı hüquq pozuntusu aşkar edildiyi halda onun bərpası üzrə tədbirlər görülmüşdür.
Təhlillər göstərir ki, vətəndaşların qanunu bilməməsi və bəzi məhkəmə məmurlarının bundan sui-istifadə etməsi bir sıra hallarda vətəndaşların öz hüquqlarından yetərincə istifadə etməsinə imkan verməmişdir.
Məhkəmə instansiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində işdə iştirak edən şəxslərə sifarişli məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir. Müvəkkilə ünvanlanmış müraciətlərin təhlili göstərir ki, bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilmir ki, bu da vətəndaşda məlumatsızlığın yaranmasına səbəb olmaqla yanaşı, vətəndaşın həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnir. Ümumiyyətlə, şəxsin məlumatsız saxlanılması süründürməçilik olmaqla yanaşı, qanuni hüquqlardan istifadə imkanlarını da məhdudlaşdırılır.
Birinci instansiya məhkəməsinin qərarından verilmiş şikayətin apellyasiya instansiyasına göndərilib-göndərilməməsi ilə bağlı vətəndaşlara məlumatın verilməməsi və ya vaxtında verilməməsi də şikayətlərə səbəb olmuşdur.
Məhkəmələr tərəfindən süründürməçiliyə, habelə məhkəmə məmurlarının bürokratik yanaşmalarına məruz qalmış şəxslərin hüquqlarının təmin edilməsi üzrə tədbirlər görülmüş, eyni zamanda məhkəmələrdə işlərə baxılması ilə bağlı vətəndaşlarda narazılıq yaratmış digər hallar üzrə də araşdırmalar aparılmış və qanunamüvafiq qaydada nəticələndirilmişdir.
Ölkəmiz qarşısında duran prioritet məsələlərdən biri də yuvenal ədliyyə sisteminin yaradılmasıdır. Bu, dünyanın bir çox ölkələrində yetkinlik yaşına çatmayanların cinayət-mühakimə icraatı zamanı əməli təcrübədə meydana çıxan problemlərini aradan qaldırmaqla yanaşı, onların maraqlarının daha yaxşı təmin olunmasına xidmət edir.
Azərbaycanda beynəlxalq standartlara cavab verən mükəmməl yuvenal ədliyyə sisteminin yaradılmasının prioritet məsələlərdən biri olduğundan ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin milli qanunvericilikdə implementasiyasını, həmçinin icra mexanizmlərinin dəqiqləşdirilməsini, habelə yetkinlik yaşına çatmayanların işləri ilə əlaqədar fəaliyyət göstərən dövlət qurumlarının işinin təkmilləşdirilməsini, nəzarətin gücləndirilməsini, eləcə də geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsini tələb edir.
Müvəkkil illik məruzələrində yetkinlik yaşına çatmayanların cinayət-mühakimə icraatı zamanı təcrübədə meydana çıxan problemlərin aradan qaldırılması məqsədilə yuvenal ədliyyə haqqında qanunun qəbul olunmasını, həmçinin müvafiq qanunda onun icra mexanizmlərinin təsbit olunmasını, alternativ cəza növlərinin tətbiq edilməsini, məhkumların sayının azalmasına xidmət edəcək mediasiya institutunun formalaşdırılması ilə bağlı qanun layihəsinin geniş ictimai müzakirəsi də təşkil olunmuşdur.
Ölkəmizdə yuvenal ədliyyə sisteminin formalaşdırılmasının uşaq hüquqlarının və onların qanuni maraqlarının səmərəli təmin olunmasına xidmət edəcəyi nəzərə alınaraq, yuvenal ədliyyə haqqında qanunun qəbul olunmasının sürətləndirilməsi təklif edilir.
Təhlillər onu deməyə əsas verir ki, yol verilmiş nöqsanların və hüquq pozuntularının aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etdirilməlidir.
Müvəkkilin əhalinin müxtəlif qruplarının hüquqlarının təmin edilməsi sahəsində həyata keçirdiyi tədbirlərlə yanaşı, məhkəmələrə çıxış imkanlarının təmin edilməsi, habelə zorakılığa məruz qalmış şəxslərə yardım göstərilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi yollarının öyrənilməsi, bu istiqamətdə müvafiq tövsiyələrin hazırlanması əhəmiyyətlidir.
Hüquqi yardım göstərilməsi mexanizmini özündə əks etdirən qanunvericilik aktının hazırlanması, habelə aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və respublikanın şəhər və rayon mərkəzlərində ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə böyük dəstək olardı.

İnsan hüquqlarının müdafiəsi sahəsində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq

Prokurorluq orqanları ilə əməkdaşlıq. Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, peşəkarlığının artırılması və layiqli gənc kadrların işə qəbul edilməsi, daxili işlər, dövlət təhlükəsizliyi və digər əlaqədar dövlət orqanlarında istintaq fəaliyyətinə prosessual rəhbərlik üzrə işin daha da gücləndirilməsi, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin yüksəldilməsi məqsədi ilə tədbirlər davam etdirilmişdir.
Prokurorluq orqanları ilə bağlı 2016-cı ildə Müvəkkilin ünvanına 872 müraciət daxil olmuşdur. Müraciətlərdə, əsasən, istintaqın qeyri-obyektiv aparılması, müraciətlərə cavab verilməməsi, istintaqın gedişi barədə vətəndaşın məlumatlandırılmaması kimi hallar öz əksini tapmışdır.
Həmin müraciətlər üzrə prokurorluq orqanlarına sorğular göndərilmiş, məsələlərin həlli məqsədilə təkliflər verilmiş, bir çox müraciətlər Baş Prokurorluqla qarşılıqlı əməkdaşlıq şəraitində araşdırılmış, pozulmuş insan hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülmüşdür. Bununla yanaşı, 2016-cı ildə Müvəkkil tərəfindən Baş Prokurorluğa göndərilmiş müraciətlərdən 33-nün Respublika Hərbi Prokurorluğuna nəzarətlə göndərilməsi həmin müraciətlərə və insan hüquqlarının müdafiəsinə diqqətin göstəricisidir.
Bəzi hallarda toplanmış materialda cinayət tərkibi olmaması qənaətinə gəlinərək cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarların qanuniliyi yoxlanılmış, tam və hərtərəfli araşdırma aparılmadığı müəyyən edildikdə həmin qərarlar ləğv edilərək, əlavə araşdırma aparılması barədə istintaqa prosessual rəhbərliyi həyata keçirən yerli prokuror-luqlar tərəfindən daxili işlər orqanlarının istintaq orqanlarına göstərişlər verilmişdir.
Məhz ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən yerli prokurorluqlar tərəfindən təhqiqatın və ya istintaqın gedişinə nəzarətin gücləndirilməsi cinayət-prosessual qanunvericiliyin pozulması hallarının qarşısını almaqla bərabər, cinayət təqibinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının daha səmərəli təmininə şərait yaradır.
İşə baxılmasının obyektivliyinin təmin edilməsi və insan hüquqlarının müdafiəsi istiqamətində Müvəkkilin həyata keçirdiyi araşdırma prosesində bəzən yerli prokurorluq orqanlarına yazılı tövsiyələrin verilməsi və bunların vaxtında nəzərə alınaraq, problemin həlli vətəndaşların prokurorluq orqanlarına etibarının daha da artmasına təkan verir, bu sahədə şikayətlərin sayının azalmasına səbəb olur.
Qeyd edilənlərlə yanaşı, 2016-cı ildə Baş Prokurorluq tərəfindən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 49 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir.
Respublika Hərbi Prokurorluğu tərəfindən Müvəkkilə verilmiş rəsmi məlumatda isə bildirilmişdir ki, 2016-cı ildə ibtidai araşdırması aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə vətəndaşların müraciətləri, hərbi məhkəmələr tərəfındən çıxarılmış xüsusi qərarlar, respublika hərbi prokurorluğunun idarə və şöbələrinin arayışları və ərazi hərbi prokurorlarının məlumatları əsasında aparılmış 23 xidməti yoxlamanın nəticələrinə görə xidməti fəaliyyətlərində qanun pozuntusuna və nöqsanlara yol vermiş 9 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur.
İnsan hüquqlarının etibarlı müdafiəsi üçün bütün zəruri tədbirlərin görülməsi, o cümlədən vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu, prokurorluq orqanları tərəfindən cinayət işlərinin istintaqının gedişi ilə bağlı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxslərin, onların qanuni nümayəndələrinin, müdafiəçinin, mülki cavabdehin məlumatlandırılması işinin daha da gücləndirilməsi təqdirəlayiqdir.
Ədliyyə orqanları ilə əməkdaşlıq. Müvəkkil ədliyyə orqanları ilə sıx əməkdaşlıqda fəaliyyət göstərmişdir. Ədliyyə Nazirliyi tərəfindən insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsi məqsədilə məhkəmə sisteminin, habelə notariat və qeydiyyat qurumlarının işinin təkmilləşdirilməsi sahəsində tədbirlər davam etdirilmişdir.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyətinin təşkili, məhkəmə qərarlarının icrasının təmin olunması sahəsində bir sıra məsələlər, o cümlədən müraciətlərdə öz əksini tapmış hallar qarşılıqlı əməkdaşlıq şəraitində araşdırılmış, hüquq pozuntusu aşkar edildiyi halda, onun aradan qaldırılması üzrə tədbirlər görülmüşdür.
Bəzi icra məmurlarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməmiş və ya uzun müddət icrasız qalmışdır ki, bu da hüquqların pozulması ilə nəticələnmişdir.
Məlumata əsasən, icra sahəsində əldə olunmuş irəliləyişlərə baxmayaraq, bir sıra icra qurumlarının fəaliyyətində ciddi nöqsanlar aşkar olunmuş, nazirlik üzrə müvafiq əmrlərə əsasən, 28 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 2 nəfər ədliyyə orqanlarından xaric edilmiş, 5 nəfər tutduğu vəzifədən azad olunmuş, 1 nəfər barədə materiallar Baş Prokurorluğa göndərilmişdir.
Məhkəmə qərarlarının icrası ilə bağlı 1.145, o cümlədən alimentin ödənilməsi üzrə 449 müraciət daxil olmuşdur. Aliment, əmlak və əmək haqqı üzrə borcun ödənilməsinə, zəbt edilmiş ərazinin və ya mülkün boşaldılmasına dair məhkəmə qərarlarının icra olunmaması ilə bağlı müraciətlər üzrə görülmüş tədbirlər nəticəsində bir çox hallarda məhkəmə qərarlarının icrası təmin olunmuş, pozulmuş hüquqlar bərpa edilmişdir.
Aliment üzrə borcların kritik həddə çatdığı nəzərə alınaraq, borcluların sayının və borcların ümumi məbləğinin müəyyən edilməsi məqsədəuyğundur.
Vəzifəsi insan hüquqlarının təmin edilməsindən ibarət olan dövlət qurumları tərəfindən vətəndaşlara məhkəmə qətnaməsi üzrə olan borcun ödənilməsindəki problemlərin həlli məqsədi ilə müvafiq mexanizmin hazırlanması və tətbiqi zəruridir.
Məhkəmə qərarlarının icrasının təmin edilməsi məqsədilə icra məmurlarının peşəkarlığının və onların fəaliyyətinə nəzarətin artırılması, icra intizamına qanunla müəyyən edilmiş qaydada əməl olunması və məsuliyyət hissinin artırılması, süründürməçiliyə yol verilməsi hallarının qarşısının alınması, icra prosesi həyata keçirilərkən hüquq və azadlıqların təmin olunması istiqamətində işlər daha da gücləndirilməlidir.
Daxili işlər orqanları ilə əməkdaşlıq. Ölkədə ictimai qaydanın, asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində qanunla müəyyən edilmiş səlahiyyətləri həyata keçirən daxili işlər orqanları öz fəaliyyətini məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün formalarına qarşı mübarizədə prinsipial mövqe tutmuş, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirlər həyata keçirmişdir.
2016-cı ildə daxili işlər orqanları ilə bağlı Müvəkkilin ünvanına 2.698 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə, əsasən, ibtidai araşdırmanın və istintaqın qeyri-obyektiv aparılması, təhqiqatın və ya istintaqın gedişi barədə məlumat verilməməsi, cinayət işinin başlanmasının əsassız rədd edilməsi, fakta görə cinayət işinin başlanmaması, əsassız olaraq cinayət işinə xitam verilməsi və ya cinayət işi üzrə icraatın dayandırılması, süründürməçilik, şikayətlə bağlı prosessual qərarın qəbul edilməməsi, müraciətə cavab verilməməsi, polis əməkdaşları tərəfindən kobud rəftara yol verilməsi kimi hallar öz əksini tapmışdır.
Müvəkkilin müraciətinə əsasən aparılmış araşdırmalar zamanı qanun pozuntularına və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermiş, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməyən, o cümlədən "Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi"nin tələblərini pozmuş, vətəndaşlara hörmətsizlik nümayiş etdirmiş, xidməti səlahiyyətlərini aşmış polis əməkdaşlarına, o cümlədən sürücülərlə münasibətdə etik normaları pozan və nöqsanlara yol verən əməkdaşlara qarşı intizam cəzaları da tətbiq edilmiş, mövcud sahədə işin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülmüşdür.
Məlumata əsasən, 2016-cı ildə həyata keçirilmiş tədbirlərlə daxili işlər orqanlarında qanunçuluq və intizam əhəmiyyətli dərəcədə möhkəmlənmiş, 2016-cı ildə polis əməkdaşları tərəfındən insan və vətəndaş hüquqlarının pozulması halları 10,9%, o cümlədən, əsassız saxlamalar 33,3%, vətəndaşlarla kobud rəftar halları 41,3%, əsassız gətirmələr 5,7%, sürücülərin hüquqlarının pozulması 5,9% azalmışdır.
Ümumilikdə, idarədaxili nəzarət qaydasında aşkarlanmış əsassız saxlama, əsassız gətirmə və vətəndaşlarla kobud rəftarla bağlı olmayan faktlar isə prosessual qanunvericilik çərçivəsində hərtərəfli və obyektiv araşdırılaraq, hər biri üzrə qanuni qərarlar qəbul edilmişdir. 2016-cı il ərzində aşkarlanmış 253 fakt üzrə (74-ü vətəndaşlarla kobud rəftar, 47-si polisə əsassız gətirmə və saxlama, 64-ü sürücülərin hüquqlarının pozulması, 9-u əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 2-si qanunsuz axtarış, 54-ü digər faktlar) 330 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 44-ü daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 31-i tutduğu vəzifədən azad edilmiş, 255 əməkdaş barəsində digər intizam tədbirləri görülmüşdür.
Bəzi təhqiqatçıların və müstəntiqlərin toplanmış materiallar üzrə yoxlamaları natamam aparması, prosessual pozuntulara yol verməsi şikayətlərə səbəb olmuşdur. Müvəkkil belə hallarda aşkar etdiyi hüquq pozuntusunun qarşısını almaq məqsədi ilə istintaqa nəzarəti həyata keçirən prokurorluq orqanlarına müraciət etmiş, nəticədə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlar ləğv edilmiş, vətəndaşın pozulmuş hüquqları bərpa edilmişdir.
Təhlillər göstərir ki, bir sıra təhqiqat və ya cinayət işləri üzrə materiallar təhqiqata və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən həm Müvəkkilin, həm də hüququ pozulmuş ayrı-ayrı vətəndaşların müraciətləri əsasında öyrənilmişdir.
Cinayət işi üzrə qəbul edilmiş qərarın əsaslılığı öyrənilərkən, bəzən əlavə istintaq zamanı müstəntiq tərəfindən iş üzrə qəbul edilmiş müvafiq qərarda olan göstərişlərin tam icra olunmadığı müəyyən edildiyindən işin icraatına xitam verilməsi barədə qərar ləğv olunaraq iş əlavə istintaq aparılması üçün istintaq orqanına qaytarılmışdır.
Aparılmış yoxlamalar əsasında araşdırmanın hərtərəfli, tam və obyektiv aparılması üçün zəruri istintaq hərəkətlərinin yerinə yetirilmədiyi, iş üzrə mühüm əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin icrasının tam təmin edilmədiyi və prosessual qanunvericiliyə əməl olunmadığı digər hallarda cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilmiş, istintaqa prosessual nəzarəti həyata keçirən prokuror tərəfindən yazılı göstəriş verilməklə təkrar istintaqa qaytarılmışdır.
Polis əməkdaşları tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi işinin gücləndirilməsi məqsədi ilə bu orqanlarda şəffaflığın təmin edilməsi, vətəndaşlarla sağlam münasibətlərin inkişafı davam etdirilməkdədir.


1.2.  İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi

Əmək hüquqlarının müdafiəsi. Ölkəmizdə işçilərin əmək hüquqlarının səmərəli təmin edilməsinə yönəlmiş tədbirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2016-cı ildə də davam etdirilmişdir. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üzrə tədbirlər əmək münasibətlərinin hüquqi vəziyyətini daha da möhkəmləndirmişdir.
Əmək hüquqları ilə bağlı Müvəkkilin ünvanına 958 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə, əsasən, qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmə, işə bərpadan və istehsalatda alınmış xəsarətə görə dəymiş zərərin ödənilməsindən imtina, əmək haqqının və məzuniyyət pulunun vaxtında verilməməsi, əmək haqqı üzrə borcların ödənilməməsi, son haqq-hesabın və əmək kitabçasının, habelə əmək haqqı və ya iş yeri barədə arayışın verilməməsi, əmək haqqına nəzərdə tutulmuş bəzi əlavələrin hesablanmaması kimi hallar öz əksini tapmışdır.
Müraciətlərin araşdırılması zamanı insanların pozulmuş əmək hüquqlarının bərpası məqsədilə konkret tədbirlər görülmüşdür.
Müvəkkil insanların əmək hüquqlarının etibarlı müdafiəsi, o cümlədən pozulmuş əmək hüquqlarının bərpası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə səmərəli əməkdaşlıqda çalışmışdır. Belə ki, bir sıra hallarda İnzibati Xətalar Məcəlləsinin 53.6-cı maddəsinə uyğun olaraq, işəgötürənlər inzibati məsuliyyətə cəlb olunmuş və əmək haqlarının, son haqq-hesabların ödənilməsinin təmin edilməsi üçün onlara icrası məcburi olan göstəriş verilmiş, bununla yanaşı, işəgötürənlərə qarşı bəzən həmin məcəllənin 53.4-cü maddəsinə əsasən, inzibati protokol tərtib edilmiş, eyni zamanda əmək haqqı üzrə borcların ödənilmədiyi hallarda bu ödənişin təmin edilməsi məqsədilə işəgötürənlərə qarşı qanuni tədbirlər görülmüş, lakin həmin tələb yerinə yetirilmədiyi halda müvafiq məcəllənin 318.1-ci maddəsinə uyğun olaraq cərimə tətbiq olunmuşdur.
İşçilərin əmək hüquqlarının müdafiəsi sahəsində görülmüş tədbirlərə və ciddi səylərə baxmayaraq, işəgötürənlər tərəfindən bu hüquqların pozulması halları davam etmişdir.
Müraciətlərdə öz əksini tapmış pozulmuş əmək hüquqları sırasında əmək haqqı borclarının ödənilməməsi halları üzrə araşdırmalar aparılmış və işçilərin pozulmuş hüquqları bərpa edilmişdir.
Müvəkkilin səyləri nəticəsində bir sıra hallarda işdən azad edilmiş şəxslərin işə bərpası, həmçinin Əmək Məcəlləsinin 83-cü maddəsinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən şəxslərə müvafiq əmrin surətinin, əmək kitabçasının və son haqq-hesabın, o cümlədən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrin verilməsi təmin edilmişdir.
Bir çox dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə aylıq vəzifə maaşları 2016-cı ildə müvafiq məbləğdə artırılmışdır. Bununla yanaşı, məşğulluğun təmin edilməsi və işsizliyin səviyyəsinin aşağı salınması üzrə zəruri tədbirlər görülmüş, minlərlə yeni iş yerləri açılmışdır.
Sosial təminat hüququ. Sosial təminata ehtiyacı olan əhali qruplarının vəziyyətinin araşdırılması və qanunvericilikdə bununla bağlı dəyişikliklər aparılması həm zəruri, həm də davamlı prosesdir. Əhalinin, xüsusilə də qayğıya daha çox ehtiyacı olan aztəminatlı qrupların rifah halının yüksəldilməsi yönümündə davam etdirilən tədbirlər özünü müsbət istiqamətdə göstərməkdədir.
Əhalinin qayğıya ehtiyacı olan qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən müavinətlərin məbləği əvvəlki illərlə müqayisədə artırılmışdır. Müvəkkilin bu istiqamətdə irəli sürdüyü təkliflər də getdikcə həllini tapır.
MFPr-in icrasının monitorinqi məqsədi ilə Müvəkkil tərəfindən ölkənin şəhər və rayonlarında keçirilmiş ictimai dinləmələr, habelə əhali qrupları ilə görüşlər zamanı aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması, əmək pensiyalarının və müvafiq müavinətlərin məbləğinin artırılması barədə ölkə Prezidentinin məlum sərəncamları minnətdarlıqla qarşılanmışdır. Bununla yanaşı, sosial problemlərin həlli istiqamətində bir sıra təkliflər də irəli sürülmüş, çatışmazlıqlar diqqətə çatdırılmışdır.
Həmin təkliflərin təhlili göstərmişdir ki, insan hüquqlarının daha səmərəli təmin edilməsi məqsədi ilə bir sıra zəruri tədbirlərin həyata keçirilməsinə, habelə sosial inkişaf sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılması istiqamətində müəyyən məsələlərin də həllinə ehtiyac vardır.
Sosial təminat hüququ ilə bağlı Müvəkkilin ünvanına 1.206 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə pensiyanın təyin edilməsi və ya yenidən hesablanması, hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi, qocalara qulluq edilməsi müddətinin sığorta stajına hesablanması, müvafiq hallar üzrə müavinətin müəyyən edilməsi, ehtiyaclı şəxslərə birdəfəlik yardım və ya müavinətlərin verilməsi kimi hallar öz əksini tapmışdır. Araşdırma zamanı sosial təminat hüququnun daha səmərəli müdafiəsinə yönəlmiş hallara xüsusi diqqət yetirilmişdir.
Pensiyanın təyin edilməsi zamanı və ya yenidən hesablanması hallarında müəyyən edilmiş məbləğdən narazı qalmış vətəndaşların müraciətləri üzrə araşdırmalar aparılmış, ehtiyaclı şəxslərə birdəfəlik yardımlar edilmiş və ya müavinətlər verilmişdir.
Müvəkkil əvvəlki illik məruzələrində internat tipli müəssisələrdə tərbiyə alan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, müvafiq yaş həddinə çatdıqda oranı tərk edən uşaqların təhsilinin davam etdirilməsi, yaşayış və iş yeri ilə təmin edilməsi məsələsinin həllini təklif etmişdir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində “Məzun evi”nin, habelə Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin fəaliyyəti böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Abşeron rayonunda belə məzunlar üçün 120 mənzildən ibarət sayca ikinci binanın açılışında iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən 120 mənzilli başqa bir binanın təməlinin qoyulması da olduqca təqdirəlayiqdir.
Azərbaycan Respublikasının Milli Məclisində 2017-ci ilin Dövlət büdcəsi layihəsinin müzakirələri zamanı bir sıra təklifləri də diqqətə çatdırmışdır.
2006-cı il 1 yanvar tarixinə kimi ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlığı və ixtisasartırma kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətinin sığorta stajına daxil edilməsi məqsədəuyğundur.
Sərhədyanı rayonların infrastrukturunun yaxşılaşdırılması, tibbi, psixoloji və sosial xidmətlərin gücləndirilməsi bu sahədə mövcud problemlərin həllinə dəstək ola bilər. Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən müavinətlərin davamlı olaraq artırılması da əhəmiyyətlidir. Bununla yanaşı, «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun əhalinin hüquqlarının müdafiəsi baxımından daim təkmilləşdirilməsi zəruridir.
MPQ-nin üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrinin bütün obyektlərinə baş çəkmiş, sakinləri ilə görüşmüş, rəftar və şərait qənaətbəxş qiymətləndirilmişdir. Başçəkmədə məqsəd həmin şəxslərə qarşı rəftar, saxlanılma şəraiti və qidalanma məsələlərinin araşdırılması olmuşdur. Başçəkmələrin nəticəsi olaraq, bir sıra təklif və tövsiyələrlə müvafiq nazirliyə müraciət edilmişdir.
Sosial təminata və qayğıya daha çox ehtiyacı olan əhali qruplarının vəziyyətinin araşdırılmasını və bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi üzrə tövsiyələr verilmişdir.
Ünvanlı dövlət sosial yardımı. Bu sahədə aşkar edilmiş çatışmazlıqların, o cümlədən hüquqi boşluqların və süründürməçiliyə səbəb olan halların aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış layihə əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 saylı Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi mövcud sahədə olan problemlərin həlli yönümündə mühüm əhəmiyyət kəsb edir.
Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin təhlili də göstərir ki, bu yardımın təyin edilməsi ilə əlaqədar çətinlik və süründürməçilik halları aradan qaldırılmışdır. Belə ki, sosial yardımın alınması üçün elektron formada müraciət edən təmsilçi fərdi kommunikasiya vasitələrindən, habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə edərək, öz müraciətini “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) göndərir ki, bu da süründürməçiliyin və qanun pozuntularının baş verməsinin qarşısını alır.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı daxil olan hər bir müraciət üzrə araşdırma aparılmış və nəticələndirilmişdir.
Sağlamlığın qorunması hüququ. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması dövlətin sosial siyasətinin əsas prioritetlərindəndir. Belə ki, 2016-cı ildə 41 xəstəxana tikilmiş və ya əsaslı təmir olunmuş, maddi-texniki bazası müasirləşdirilmişdir.
Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırıl-masında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramları xüsusi əhəmiyyət kəsb etmişdir. Bununla yanaşı, respublika əhalisinin sağlamlıq məsələlərini hər zaman diqqət mərkəzində saxlayan ölkə Prezidentinin tapşırığına uyğun olaraq, Bakı şəhərində və respublikanın bütün bölgələrində əhali ildə iki dəfə tibbi müayinədən keçirilir.
MFPr-in təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə respublikanın hər bir şəhər və rayonunda ictimai dinləmələr çərçivəsində Müvəkkil tibb müəssisələrinə də baş çəkmiş, mövcud şəraitlə tanış olmuş, yeni tikilən və ya əsaslı təmir olunan diaqnostika mərkəzlərinin və xəstəxanaların müasir avadanlıqlarla təchiz olunduğunu, xüsusilə hemodializ aparatlarının sayının artdığını müşahidə etmişdir.
Müvəkkilin illik məruzələrində respublikanın kənd rayonlarındakı səhiyyə müəssisələrinə tibb kadrlarının cəlb olunmasını həvəsləndirmək, kadr çatışmazlığını aradan qaldırmaq məqsədi ilə tədbirlər görülməsi ilə bağlı təklifləri də öz həllini tapmaqdadır.
2016-cı ildə Müvəkkilin ünvanına sağlamlığın qorunması hüququ ilə bağlı 439 müraciət  daxil olmuşdur. Həmin müraciətlərdə əsasən, müalicə və müayinənin dövlət hesabına həyata keçirilməsi, dərman preparatlarının verilməsi kimi məsələlər əksini tapsa da, sağlamlıq hüququnun qorunmasının digər aspektləri ilə bağlı problemlər də olmuşdur. Müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində bir çox pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
Yeri gəlmişkən, illik məruzələrdə icbari tibbi sığorta sisteminin tətbiqi üzrə öz əksini tapmış təklif də sosial sahədə aparılan islahatlar çərçivəsində həllini tapmaqdadır. Belə ki, artıq Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin icrasına başlanılmışdır.
Maddi imkansızlıq səbəbindən dövlət hesabına müayinə və müalicə olunmasında  köməklik göstərilməsinə dair vətəndaşlardan daxil olan ərizələrlə bağlı Səhiyyə Nazirliyinə ünvanlanmış müraciətlərdən sonra həmin xəstələrin müayinə və müalicəsinin həyata keçirilməsi, həmçinin dərman preparatları ilə təmin edilməsi məqsədilə aidiyyəti səhiyyə müəssisələrinə, o cümlədən yerli səhiyyə orqanlarına, habelə mərkəzi şəhər və rayon xəstəxanalarına müvafiq tapşırıqlar verilmişdir.
İxtitsaslaşmış tibbi yardıma ehtiyacı olan vətəndaşlarla bağlı Müvəkkilin Səhiyyə Nazirliyinə aidiyyəti üzrə müraciətlərindən sonra bir çox vətəndaşlar yüksək səviyyədə müvafiq tibbi yardımla təmin edilməsi, habelə müayinə və müalicəsinin təşkili məqsədilə müvafiq tapşırıqlar verilməklə ixtisaslaşmış klinikalara göndərilmişlər.
Gözlərinin dövlət hesabına müalicə olunmasında köməklik göstərilməsi xahişi ilə müraciət edən vətəndaşlar müayinə və müalicəsinin təmin edilməsi məqsədilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə göndərilmiş və zəruri xidmət göstərilmişdir.
Sağlamlığın təmin edilməsində cərrahi müayinə və müalicəyə ehtiyacı olan bəzi vətəndaşlar ilə əlaqədar akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyinə müvafiq göstəriş verilmişdir. Dayaq-hərəkət sistemində problemləri olan vətəndaşların da müraciətləri diqqətdən kənarda qalmamış, Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda öz həllini tapmışdır. Bununla yanaşı, bir sıra vətəndaşlar Müvəkkilin müraciətləri əsasında müayinə və müalicənin təşkili üçün Milli Onkologiya Mərkəzinə, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, Respublika Neyrocərrahlıq Xəstəxanasına və digər ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişlər.
Dövlət hesabına respublikadan kənarda müayinə və müalicənin həyata keçirilməsində köməklik məqsədilə Müvəkkilə ünvanlanmış müraciətlərlər üzrə bir sıra vətəndaşların müalicəsi ilə bağlı müvafiq rəy verilməsinə dair Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən «Vətəndaşların Respublikadankənar Müalicəyə göndərilməsi məsələləri üzrə Komissiya»ya göstəriş verilmişdir. Həmçinin bəzi müraciətlər üzrə aparılmış araşdırmalar prosesində vətəndaşların ərizələri müvafiq rəy verilməsi üçün Səhiyyə Nazirliyinin, habelə onun tabeli müəssisələrinin ixtisaslaşmış komissiyalarına da göndərilmişdir.
Ürək əməliyyatının aparılmasına tibbi göstərişin olub-olmamasının mütəxəssislər tərəfindən müəyyən edilməsi məqsədilə bir sıra vətəndaşlarla bağlı müraciətlər Səhiyyə Nazirliyinin “Kardiocərrahiyyə əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi və hospitallaşdırılması üzrə komissiyası”na göndərilmişdir.
Böyrəkköçürmə əməliyyatının aparılmasına tibbi göstərişin olub-olmamasını müəyyən etmək məqsədilə bir sıra vətəndaşlarla bağlı müraciətlər və onların tibbi sənədləri akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının nəzdində yaradılmış xüsusi komissiyaya təqdim edilmişdir.
Müraciətlərdə imtiyazlı qruplardan, habelə qayğıya daha çox ehtiyacı olan, müvafiq xəstəlikdən əziyyət çəkən və dispanser qeydiyyatında olan şəxslərin dərman preparatları ilə təmin olunmasındakı bəzi problemlər də öz əksini tapmışdır. Dövlət hesabına dərman preparatları ilə təmin edilmək hüququna malik olan və dispanser qeydiyyatına alınmış xəstə vətəndaşları narahat edən və qeyd olunan problemlər sırasında diqqəti daha çox cəlb edən xəstələrin bir sıra hallarda dövlət hesabına təyin olunmuş dərman preparatı ilə vaxtında təmin edilməməsi, xüsusilə müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmamasıdır.
Bir sıra xəstəliklərin müalicəsi üzrə bəzi dərman preparatlarının adlarının Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı"na əlavə olunması təklif edilmişdir.
Müvəkkil ötən dövrlərdə dərman preparatlarının qiymətlərinin əhalinin böyük hissəsi, xüsusilə aztəminatlı təbəqələrdən olan şəxslər üçün əlçatan olmasının təmin olunması məqsədilə dərman vasitələrinin qiymətlərində dövlət tənzimləmə siyasətinin aparılmasını təklif etmişdir.
Yeri gəlmişkən, ölkə Prezidentinin göstərişinə müvafiq olaraq, Tarif Şurasının qərarına əsasən, şoxsaylı dərman vasitələrinin, o cümlədən ilk mərhələdə həyati vacib və daha çox tələbat olan preparatlar üzrə vahid qiymətlər müəyyən edilmişdir.
“Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul olunmasının sürətləndirilməsi, ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, təhlükəsiz analığın təmin edilməsi, sağlam, istənilən sayda və ara verməklə arzu olunan uşaqların dünyaya gətirilməsi, ana və uşaq ölümlərinin səbəblərinin təhlil edilməsi, dölün arzuolunmayan cinsinə görə hamiləliyin süni dayandırılması hallarının qarşısının alınması, ölkəmizin prioritetləri nəzərə alınaraq, icma səviyyəsində ailə planlaşması xidmətlərinin təşkili, qeysəriyyə əməliyyatının tibbi əsaslarına və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş protokola əməl edilməsinin birgə monitorinqinin aparılması məqsədəuyğundur.
MFPr çərçivəsində əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlər, o cümlədən “1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü” ərəfəsində təsisatda, habelə regionlarda maarifləndirmə tədbirləri həyata keçirilir, televiziya və radio verilişləri təşkil olunmuşdur.
Hepatit xəstəliyinin müalicəsinin təşkili məqsədilə daxil olmuş müraciətlər Səhiyyə Nazirliyinin “B” və “C” viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyası”na göndərilmişdir. Təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmiş hepatit “C” və “B” virusuna yoluxmuş xəstələrin də dövlət hesabına dərman preparatları ilə təmin olunması zamanı müvafiq siyahının genişləndirilməsinə ehtiyac vardır.
Dövlət proqramları çərçivəsində irsi qan xəstəlikləri ilə mübarizədə də böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son illərdə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalmışdır. 
Müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər demək olar ki, aradan qaldırılmışdır. İrsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatları həyata keçirilir. Son üç ildə Azərbaycanda 45 uşağa sümük iliyi köçürülmüşdür.
Müvəkkil psixiatriya xəstəxanalarında müalicə olunan ruhi xəstələrin hüquqlarının müdafiəsini daim diqqətdə saxlamış, ötən illlərdə Səhiyyə Nazirliyinin baş psixiatrının iştirakı ilə respublikanın müxtəlif bölgələrində yerləşən rayonlararası əsəb-nevroloji xəstəxanalarına, psixonevroloji dispanserlərə baxışlar keçirmiş, şəraitlə tanış olmuş, problem və ehtiyacları öyrənmiş, həkim-psixiatrların regional müşavirələrində iştirak etmiş, problemlərin həllinə dair təkliflərlə Səhiyyə Nazirliyinə müraciətlər etmişdir.
MPQ-nin üzvləri tərəfindən psixiatriya xəstəxanalarında müntəzəm olaraq planlı monitorinqlər aparılmışdır. Müvəkkil ruhi xəstələrin saxlanılma şəraitinin və onlarla rəftarın Avropa Minimum Standartlarına uyğunlaşdırmaqla təkmilləşdirilməsini, effektiv müalicə, reabilitasiya olunması və saxlanılması məqsədilə ruhi xəstəxanalar üçün yaşayış evlərindən kənarda, daha geniş ərazidə xüsusi yeni binaların tikilməsinin sürətləndirilməsini, bu xəstəxanalarda xəstəliyin ağırlıq dərəcəsinə uyğun şöbələrin, izolyator və reabilitasiya bölmələrinin təşkil edilməsini, ruhi xəstəxanaların zəruri səviyyədə qida məhsulları, dərman preparatları və tibbi nəqliyyat vasitələri ilə təmin olunmasını, ruhi xəstələrin səhhətinin ümumi vəziyyətinin, o cümlədən vərəm, diabet, hepatit, İİV/QIÇS və digər xəstəliklərlə bağlı dövri müayinə edilməsini, ruhi xəstəxanalarda çalışan işçilərin sayının və əmək haqqının artırılmasını tövsiyə etmişdir.
Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilmişdir ki, 2016-cı il ərzində 206 tibb işçisi intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 46 nəfərə xəbərdarlıq, 78-inə töhmət və 60-ına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, 3 nəfər intizam məsuliyyəti kimi aşağı vəzifəyə keçirilmiş, 19 nəfərin isə əmək müqaviləsinə xitam verilmişdir. Əməllərində cinayət tərkibinin əlamətlərinin olmasına şübhə olduğundan, 2 hadisə barədə toplanılmış sənədlər baxılması üçün Baş Prokurorluğa göndərilmiş, 1 nəfər məhkəmə qərarı ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Ümumi olaraq, respublikanın kənd yerlərində tibb kadrlarının cəlb olunmasını həvəsləndirmək, tibbi kadr çatışmazlığını aradan qaldırmaq, tibb heyətinin peşəkarlıq səviyyəsinin artırılması, habelə xəstə və pasiyentlərlə etik davranış münasibətlərinin tələb olunan qaydada qurulması məqsədi ilə zəruri tədbirlərin görülməsinə ehtiyac vardır.

Təhsil hüququ. Təhsil hüququnun səmərəli təmin edilməsi məqsədilə 2016-cı ildə də bir sıra tədbirlər həyata keçirilmiş, Bakı şəhərində və respublikanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 29 yeni məktəb tikilmiş, 485 məktəb isə təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur.
MFPr-in icrası vəziyyətinin öyrənilməsi məqsədi ilə Müvəkkil tərəfindən ölkəmizin  şəhər və rayonlarında keçirilən ictimai dinləmələrdə əhali tərəfindən irəli sürülmüş təkliflər, o cümlədən rayonlardakı təhsil müəssisələrində çoxsaylı vakant müəllim yerlərinə yeni kadrların qəbul olunması prosesində yerli mütəxəssislərə, habelə dağ rayonlarından olan və ali məktəblərdə ödənişli təhsil alan tələbələrə güzəştlərin tətbiq edilməsi, Bakı şəhərində olduğu kimi, rayonlarda da müəllimlərin fəaliyyətinin qiymətləndirilməsinin aparılması və əmək haqqının artırılması, müəllimlərin pensiya təminatının yaxşılaşdırılması ilə bağlı mexanizmlərin təkmilləşdirilməsi, uşaq hüquqları üzrə pilləli tədrisin tətbiq olunduğu məktəblərin sayının artırılması, məktəblərdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili üçün məqsədyönlü dərnəklərin fəaliyyətinin bərpası, dünyəvi dinlərin əsaslarının, əvvəllər olduğu kimi, “ailə” fənninin tədris olunması, məktəblərdə hərbi otaqların əyani vəsaitlərlə təmin edilməsi, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, sağlamlıq imkanları məhdud uşaqlarla işləyən pedaqoji işçilərin peşəkarlığının və sayının artırılması, sosial işçilərin hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət edilmişdir.
Təhsil hüququnun, o cümlədən məktəbəqədər, orta və ali təhsilin təmin edilməsi ilə bağlı müraciətlər üzrə Müvəkkil tərəfindən bir sıra araşdırmalar aparılmış, təkliflər verilmişdir. 
Rayonlarda, xüsusilə kəndlərdə və qəsəbələrdə məktəbəqədər təhsil müəssisələrinin sayının az olması və bir çox hallarda uyğunlaşdırılmış və ya tam təmirsiz binalarda fəaliyyət göstərməsi uşaqların təlim-tərbiyəsində çətinliklər yaradır. Bəzi müəssisələrin fəaliyyətinin tamamilə dayandırılması da xüsusi narahatlıq yaratmaqdadır. Bu müəssisələrdəki yerlərin mövcud uşaq sayından çox az olması sıxlığın yaranmasına səbəb olmaqla, ciddi problemlər yaratmaqda və şikayətlərə səbəb olmaqdadır.
Məktəbəqədər təhsilin müasir səviyyədə qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması, təlim-tərbiyə prosesinin məzmunca yeniləşdirilməsi istiqamətində irimiqyaslı tədbirlərin görülməsi məqsədəuyğundur.
Məktəbəqədər təhsil sistemindəki problemlərlə bağlı Müvəkkilin ünvanına daxil olmuş müraciətlərdə bəzi yaşayış ərazilərində uşaq bağçalarının olmaması, mövcud belə müəssisələrin uşaqların sayı baxımından tələbatı ödəməməsi, uşaq bağçalarına uşaqların qəbul edilməsi və ya bağçanın bəzi ehtiyacları üçün valideynlərdən pul tələb edilməsi, bağçalara uşaq qəbulu üzrə növbəçilik prinsipinə əməl edilməsi, mövcud uşaq bağçalarının bağlanılması kimi hallar öz əksini tapmışdır. Odur ki, müvafiq ərazilərdə və yaşayış məntəqələrində uşaqların sayı və tələbatı nəzərə alınmaqla, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi zəruridir.
Təhsil Nazirliyinin müəllim hazırlığı işində yeni standartlara keçməsi, o cümlədən yeni test sisteminin tətbiqi, pedaqoji kadr hazırlayan ali məktəblərin tədris proqramlarında bu məqsədlə dəyişikliklərin edilməsi, müəllimlərin sınaq imtahanına cəlb edilməklə fənn bilikləri, metodika, habelə kommunikativ biliklərinin yoxlanılması təqdirəlayiqdir.
Müvəkkil ötən dövrlərdə müəllim ixtisası üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və respublikanın kənd rayonlarında, xüsusilə sərhədyanı rayonlarda və məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrdə fəaliyyət göstərən orta təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün güzəştlərin müəyyən edilməsi ilə bağlı təklif vermişdir. Bu təklif müxtəlif qanunvericilik aktlarında öz həllini tapmış, bir sıra güzəştlər müəyyən edilmişdir.
Bununla belə, orta ümumtəhsil məktəblərində çalışan, uşaq, yeniyetmə və gənclərin təlim-tərbiyəsində və mənəvi inkişafında böyük əmək sərf edən müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə tədbirlərin davam etdirilməsi də vacibdir.
Təhsil hüququ ilə bağlı Müvəkkilin ünvanına 259 müraciət daxil olmuşdur. Həmin müraciətlər üzrə aparılan araşdırmalar nəticəsində bir sıra nöqsanlar aşkar edilmiş, günahkar şəxslər cəzalandırılmışlar.
Yeniyetmələrə, təhsildən yayınan uşaqlara münasibətdə vaxtında tərbiyəvi tədbirlərin tətbiq edilməməsi, istər valideynlər, istərsə də təhsil müəssisələri tərəfindən nəzarətsiz qalmaları onlarda hüquqpozmalara meyilliliyin yaranmasına, inzibati xətaların, hətta cinayətlərin törədilməsinə səbəb olur.
Genişmiqyaslı təmir-tikinti işləri aparılması ilə yanaşı, şəhər və rayonlarda yerləşən bir sıra məktəb binaları hələ də tədris prosesi üçün yararsız, bəziləri isə hətta qəzalı vəziyyətdədir.
İctimai dinləmələr çərçivəsində Baş Zəyzid kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin kənd sakinləri adından Şəki şəhərində baş vermiş zəlzələ nəticəsində kəndin məktəb binasının tam yararsız və qəzalı vəziyyətə düşməsi ilə əlaqədar müraciətini nəzərə alaraq, Müvəkkil Təhsil Nazirliyinə müraciət etmişdir. Nazirlikdən verilən məlumatda Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına 2016-cı ildə həmin kənddə 624 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılmışdır.
İctimai dinləmələr zamanı alınmış müraciətlərə əsasən, Daşkəsən, Şamaxı, Lerik, Xızı, Ağsu və Masallı rayonlarının bir sıra məktəblərində təmir-tikinti işlərinin aparılması ilə bağlı da müvafiq nazirliyə müraciət edilmişdir ki, onlardan bəzilərinin yaxın illərdə tikintisi nəzərdə tutulmuşdur.
Təhsil müəssisələrində, xüsusilə də internat evlərində uşaqların təhsili və sosial müdafiəsi məsələlərinə də xüsusi diqqət verilmişdir. MPQ-nin üzvləri uşaq evlərinə və internat məktəblərinə başçəkmələr həyata keçirmiş, uşaq evlərində görüşlər zamanı kobud davranış və pis rəftarla bağlı şikayət olmamış, lakin bu müəssisələrdə əməkdaş və uşaqlar üçün uşaq hüquqları mövzusunda təlimin keçirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir.
Dövlət sifarişi əsasında ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin müvafiq yataqxanalarda yerlə təmin edilməsi, bu mümkün olmadıqda isə onlara mənzil kirayəsi haqqının ödənilməsi, habelə zəruri dərs vəsaitlərinin əldə edilməsinə dəstək verilməsi yalnız onların maddi vəziyyətinə dəstək kimi deyil, biliyin inkişaf etdirilməsi üçün münbit şəraitin yaradılmasına yardım kimi dəyərləndirilməlidir.
İstər dövlət, istərsə də özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan və təhsil haqqını ödəmək imkanı olmayan ümumi səbəbdən I və II qrup əlilliyi olan şəxslərin özlərinin, habelə I qrup əlilliyi olan şəxslərin övladlarının təhsil haqqı ödənişlərindən azad edilməsi məqsədəuyğundur.
Müvəkkil təhsilin fasiləsizliyinin təmin edilməsi məqsədilə magistratura pilləsində təhsil alanlara təhsilini bitirənədək hərbi xidmətdən möhlət hüququnun müəyyən edilməsini təklif etmişdir. Bu baxımdan, müvafiq qanuna edilmiş dəyişikliklər təqdirəlayiqdir.
Ali təhsillə bağlı daxil olmuş müraciətlərdə bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə köçürməyə, təhsil haqqından azad edilməyə kömək göstərilməsi, xarici ölkələrdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə prosedurun həyata keçirilməsində süründürməçiliyə yol verilməsi kimi hallar öz əksini tapmış, bir çox hallarda pozulmuş hüquqların bərpasına nail olunmuşdur.
Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Bu baxımdan, ölkəmizdə inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları ciddi təhlil edilməli, bərabər hüquqlar üçün bərabər imkanlar yaradılmalı, əlilliyi olan insanların hüquqlarının təmini və cəmiyyətə inteqrasiyasına mane olan problemlərin aradan qaldırılması istiqamətində işlər gücləndirilməli, onların fiziki, sosial, psixoloji, mənəvi reabilitasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə ixtisaslaşmış mərkəzlər təşkil edilməlidir.
Müvəkkil fəaliyyətinin ilk illərində elmdə varislik prinsipinin qorunması məqsədilə müxtəlif yönümlü, o cümlədən elmi, iqtisadi və hüquqi məsələlərin həllini vacib hesab etmiş, bu sahənin inkişafına maraq göstərən sahibkarların da cəlb edilməsini təklif etmişdir.

Mənzil hüququ.  Müvəkkil əvvəlki illik məruzələrində mənzil hüququnun təmin edilməsi sahəsində olan problemlərin həlli məqsədilə mənzilə ehtiyacı olan şəxslərin real imkanlarına uyğun mənzil siyasətinin formalaşdırılmasını, habelə mənzillə təmin edilmə məsələsinin həllinə kompleks yanaşmanı, o cümlədən ötən əsrin əvvəllərindən etibarən tikilmiş və artıq istismar müddətini keçmiş, hazırda əhalinin istifadəsində olan, bir çoxu özəlləşmə prosesində mülkiyyətə verilən köhnə və qəzalı mənzillərdə yaşayanların köçürülməsini də özündə əks etdirən məqsədli dövlət proqramının hazırlanıb həyata keçirilməsini, ipoteka kreditlərinin verilməsi şərtlərinin əhalinin alıcılıq qabiliyyətinə müvafiq asanlaşdırılmasını, sosial ipotekanın tətbiq edilməsini təklif etmişdir.
Yeri gəlmişkən, 2016-cı il 25 noyabr tarixində Prezident İlham Əliyev Ramana qəsəbəsində yerləşən, 1901-ci ildə neftçilər üçün inşa edilmiş və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşmüş binanın sökülərək, yerində tikilmiş yeni yaşayış binasının açılışında iştirak etmiş, binanın sakinləri ilə görüşən ölkə Prezidenti demişdir: “...Bakıda son illər ərzində yüzlərlə, minlərlə bina tikilib, ancaq bu binanın xüsusi əhəmiyyəti var. Bu, pilot layihədir və bu layihənin çox gözəl gələcəyi olacaq.”
Müvəkkil fəaliyyətinin ilk illərindən etibarən ölkədə mənzil probleminin həlli məqsədilə ucuz başa gələn sosial evlərin tikilməsini və uzunmüddətli kreditlə aztəminatlı ailələrə verilməsini təklif etmişdir.
Ölkə Prezidentinin müvafiq fərmanına əsasən, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ölkə vətəndaşlarının yaşayış sahələrinə ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq baxımından böyük əhəmiyyətə malikdir.
Müvəkkil səlahiyyətli dövlət qurumlarına təklif və tövsiyələrlə müraciətlər etmiş, şəxsi vəsait hesabına tikilmiş ev və mənzillərin qeydiyyata alınmasının asanlaşdırılmasını tövsiyə etmişdir.
Mənzil hüququ ilə bağlı 2016-cı ildə Müvəkkilin ünvanına 414 müraciət daxil olmuşdur. Müraciətlərdə əsasən, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, əsassız imtina və süründürməçiliyə yol verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların dələduzluq yolu ilə aldadılması, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı evlərə ziyan dəyməsi kimi hallar öz əksini tapmışdır.
Müraciətlərin təhlili göstərir ki, Şəhərsalma və Tikinti, habelə Mənzil məcəllələri ilə ziddiyyət təşkil edən bəzi qanunvericilik aktları hələ də mövcuddur. Həmin məcəllələrin tətbiqi haqqında fərmanlarda nəzərdə tutulmuş bəzi normativ hüquqi aktların qəbul edilməməsi istər yerli icra hakimiyyəti orqanları, istərsə də ayrı-ayrı məmurlar tərəfindən sui-istifadə hallarına yol verilməsinə imkan yaradır. Bu baxımdan, “Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə ölkə Prezidentinin müvafiq fərmanında qeyd olunan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının hazırlanaraq təsdiq edilməsi də məqsədəuyğundur.
Məlum olduğu kimi, aprel ayında işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində Tərtər rayonunun yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağıdılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtər şəhərində, habelə cəbhə xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində dağıdılmış evlərə baxmış, sakinlərlə görüşmüş, evlərin bərpası ilə bağlı göstərişlər vermişdir. Nəticədə qısa müddətdə dağıdılmış binaların yerində yeniləri inşa edilmiş, ziyan dəyən evlər təmir olunmuş, infrastruktur bərpa edilmişdir.
Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş və Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması və dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, kəndin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün dörd, habelə kəndə gedən avtomobil yolunun tikintisi məqsədi ilə 4,3 milyon manat ayrılmışdır ki, bu da “Böyük qayıdış”ın başlanğıcı olmuşdur.
Müvəkkil Aprel döyüşlərindən dərhal sonra cəbhə bölgəsində düşmənlə təmas xəttində yerləşən Ağdam rayonunun Sarıcalı, Qaradağlı, Çəmənli, Evoğlu və Əhmədağalı, Tərtər rayonunun Şıxarx və Qapanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinə, Füzuli rayonunun Horadiz qəsəbəsinə və Qazaxlar kəndinə səfərlər etmiş, daim düşmən silahlı qüvvələri tərəfindən çoxsaylı evlərin, məktəblərin və digər mülki obyektlərin yararsız vəziyyətə düşdüyünün, bununla yanaşı, sakinlərin öz evlərini tərk etmədiklərinin şahidi omuş, sakinlərlə görüşmüş, onları maraqlandıran sualları cavablandırmışdır. Sakinlər daim düşmən atəşi altında yaşadıqlarını, təsərrüfatlarından tam şəkildə istifadə edə bilmədiklərini, bu cür halların da ailə qazanclarına və dolanacaqlarına mənfi təsir etdiyini nəzərə alaraq, kommunal xərclərin ödənilməsində onlara müəyyən güzəştlərin tətbiq edilməsini və cəbhəyanı kəndlərdə yaşayan ailələrə ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı real vəziyyəti nəzərə almağı xahiş etmişlər. Müvəkkil sakinlərin bir sıra problemlərinin həlli məqsədilə aidiyyəti dövlət qurumlarına təklif və tövsiyələrlə müraciətlər etmişdir.
Bəzi tikinti şirkətləri tərəfindən inşa edilərək istifadəyə verilmiş və ya tikilməkdə olan müasir çoxmərtəbəli yaşayış binalarındakı mənzillərin qanunvericiliyin tələblərinə zidd olaraq, bir mənzilin bir neçə nəfərə satılması prosesi yüzlərlə ailənin mənzil və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir.
Müvəkkilin aidiyyəti üzrə müraciətlərindən sonra bəzi vətəndaşlar bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün torpaq sahəsi ilə təmin edilmişlər.
Bakı şəhərinin müxtəlif ərazilərində salınmış yeni yaşayış massivlərində ünvanlaşmanın aparılmaması sakinlərin bir sıra çətinliklərlə üzləşməsinə səbəb olmaqdadır. Bununla yanaşı, xüsusi mülkiyyətdə olan əmlakın bəzən müvafiq məhkəmə qərarı olmadan sökülməsi halları da narahatlıq yaradır.
Bəzi bölgələrdə müxtəlif vaxtlarda baş vermiş təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində ünvanlı tədbirlər 2016-cı ildə də davam etdirilmişdir. Təbii fəlakətdən, zəlzələ, sel və daşqınlardan ziyan çəkmiş sakinlərin normal həyat şəraitinə qayıtması istiqamətində Fövqəladə Hallar Nazirliyinin gördüyü işlər nəticəsində bir çox ailələr üçün yeni evlər tikilmiş, habelə təmir-bərpa, yenidənqurma və möhkəmləndirmə işləri aparılmışdır.
Mənzil hüququnun pozulması, mənzil problemləri və təbii fəlakətdən ziyan çəkmiş evlərlə bağlı daxil olmuş bir sıra digər müraciətlər də Müvəkkilin aidiyyəti üzrə müdaxiləsi nəticəsində öz həllini tapmışdır.

Biznes və insan hüquqları. İnsan hüquqları ilə biznes arasında qarşılıqlı əlaqənin getdikcə təkmilləşməsini, biznesin idarə edilməsi zamanı insan hüquqlarının müdafiəsi məsələlərinin prioritetliyini diqqətdə saxlayan Müvəkkilin təşəbbüsü və rəhbərliyi ilə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət tərkibdə yaradılmış “Biznes və insan hüquqları üzrə İşçi qrupu” fəaliyyətini davam etdirmiş, prioritet mövzular üzrə müzakirələr aparılmış, təkliflər verilmişdir.
İşçi Qrupunun “Azərbaycanda sahibkarların maraqlarının qorunması: mövcud hüquq müdafiə vasitələri” mövzusuna həsr olunmuş növbəti toplantısında “Azərbaycan dövlətinin sahibkarlara dəstək siyasəti”, “Vergi ödəyiciləri kimi sahibkarların hüquqlarının qorunmasında Vergi Apellyasiya Şurasının rolu”, habelə digər mövzularda məruzələr dinlənilmiş, sahibkarların maarifləndirilməsi, o cümlədən onlara metodiki köməkliyin göstərilməsi, qanunvericiliyin daha da təkmilləşdirilməsi, dəqiq uçot və statistikanın aparılması, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi, iqtisadi strukturlar arasında koordinasiyanın, sahibkarlığın informasiya təminatının gücləndirilməsi, onların təşəbbüskarlıq və hüquqi biliklərinin artırılmasına istiqamətlənmiş tədbirlərin əhəmiyyəti barədə müzakirələr aparılmışdır.
“Əməkçi miqrantların hüquqlarının müdafiəsi biznes və insan hüquqları kontekstində” mövzusunda təşkil olunmuş digər tədbirdə Müvəkkil miqrantların əhalinin kifayət qədər dinamik və mobil qrupu olması səbəbindən onların sayı və gəlmə səbəbləri ilə yanaşı, tərkibinə nəzər yetirilməsinin və problemlərinə həssas yanaşmanın, habelə miqrantlar arasında müxtəlif yaş və sosial qruplara aid, müxtəlif dillərə, dinlərə, millətlərə və fərqli mədəniyyətə malik şəxslərin olması səbəbindən onların bütün zəruri ehtiyaclarının ən yaxşı formada həyata keçirilməsinin zəruriliyini bildirmiş, ölkəmizdə mövcud olan münbit sosial-¬iqtisadi şərait, siyasi sabitlik və tolerantlıq daxili əmək bazarında iştirak edən əcnəbilərin sayının artmasına təsir göstərdiyini qeyd etmişdir.
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi rəhbərinin əvəzi “Miqrantların qanunsuz məşğulluğunun və əmək istismarının qarşısının alınması”, habelə “Əməkçi miqrantların hüquqlarının müdafiəsi və qeyri-qanuni miqrasiya ilə mübarizə Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi” və “Əməkçi miqrantların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər” mövzularında məruzələrin dinlənildiyi tədbirdə fikir mübadiləsi zamanı miqrantların Azərbaycan Respublikası vətəndaşlarının bir çox hüquqlarından maneəsiz istifadə etdikləri, bununla yanaşı, əsas problem kimi qeydiyyat, sosial xidmətlərə çatım və digər aspektlər səsləndirilmiş, belə halların aradan qaldırılması məqsədilə preventiv tədbirlərin görülməsi, xüsusilə miqrantlara hüquqi və psixoloji yardımların göstərilməsi, onların müxtəlif qrupları üzrə təlim-tədris mərkəzlərinin yaradılması, saziş qurumlarına və başqa beynəlxalq təşkilatlara dövlət hesabatlarının hazırlanması prosesinə vətəndaş cəmiyyətinin, konkret aspektlər üzrə miqrantların da cəlb edilməsinin vacibliyi bildirilmişdir.
İşçi Qrupunun “12 noyabr – Konstitusiya Günü”nə həsr edilmiş növbəti toplantısında isə “Biznes qurumlarının fəaliyyəti və təhlükəsiz yaşamaq hüququ” mövzusu müzakirə edilmişdir. Mövzu üzrə çıxışlarda ölkəmizdə dərman və tibb vasitələri ilə davranışı tənzimləyən normalar, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi sahəsində tədbirlər barədə məlumat verilmiş, bu sahəyə nəzarətin gücləndirilməsi, etibarlı və təhlükəsiz ərzaq təminatının hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti olduğu, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının stimullaşdırılması, yerli ərzaq məhsullarının istehsalının artırılması, əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi sahələrində nəzarətin gücləndirilməsi diqqətə çatdırılmışdır.
Müvəkkil tikinti sahəsinin sürətlə inkişaf etdiyi bir şəraitdə tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində dövlət səviyyəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilməsinə, qanunvericilik bazasının təkmilləşdirilməsinə baxmayaraq, bu sahədə bəzi çatışmazlıqların hələ də mövcud olduğunu, yeni yaşayış massivlərinin salınması zamanı kommunikasiya şəbəkələrinin nəzərə alınmaması, bəzi binaların bir-birinə yaxın tikilməsi nəticəsində havalanma və insolyasiya normalarının pozulması, tikinti zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə insanların həyat və sağlamlıqları, o cümlədən əmlakı üçün təhlükənin yaranması kimi hallara qarşı mübarizənin gücləndirilməsini bildirmişdir.
Həmin tədbirlərin yekunu olaraq, Müvəkkil BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini nəzərə alaraq, qrupun gələcək fəaliyyətinin prioritet istiqamətləri barədə müzakirələrdə aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirilməsini, müsbət təcrübə mübadiləsinin aparılmasını təklif etmiş, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinin, birgə maarifləndirmə və təbliğat işinin təşkilinin zəruriliyini qeyd etmişdir.
Korporativ sosial məsuliyyət məsələsinə diqqətin artırılması, əhalinin qayğıya ehtiyacı olan qruplarının hüquqlarının müdafiəsində daha səmərəli fəaliyyət göstərən sahibkarlara müvafiq vergi güzəştlərinin tətbiq olunması, sahibkarların hüquqlarının daha da effektiv reallaşdırılması və bu hüquqlar məhdudlaşdırılmadan onların fəaliyyətinə qanunla müəyyən edilmiş nəzarətin gücləndirilməsi, həmçinin müvafiq beynəlxalq sənədlərdə öz əksini tapmış hüquq normalarının, prinsip və standartların Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilməsi məqsədəuyğundur.


1.3. Əhali qruplarının hüquqlarının müdafiəsi

Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi. Azərbaycan Respublikasına qarşı Ermənistanın işğalçılıq və terrorçuluq siyasəti nəticəsində bir milyon iki yüz min insanın beynəlxalq hüquqla tanınmış bir çox hüquqları pozulmaqda davam edir. Beynəlxalq qurumların və dünya ictimaiyyətinin gözü önündə bu hadisələrə qərəzli mövqelərdən yanaşma nəticəsində Ermənistan Respublikası ölkəmizin ərazi bütövlüyünü tanıyan və BMT tərəfindən qəbul olunmuş 4 məlum qətnamənin tələblərini hələ də yerinə yetirmir.
2016-cı ildə 1.625  ailənin və ya 7.000 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanılmış Kredit Sazişinə əsasən həyata keçirilən “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” layihəsi üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 32 min nəfər faydalanmış, 8 milyon manatlıq 63 icma mikrolayihəsi icra edilmiş, məcburi köçkünlərin sıx məskunlaşdığı 23 obyektdə əsaslı təmir işləri aparılmışdır.
2016-cı ildə ümumilikdə 1.279 məcburi köçkün ailəsi müvafiq rayonlarda yeni salınmış qəsəbələrə, 114 ailə yeni mənzillərə, 232 məcburi köçkün ailəsinin isə birdəfəlik kompensasiya ödənilməklə köçürülməsi təmin edilmişdir.
Qeyd edilənlərlə yanaşı, 94 min ailənin və ya 375 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac vardır ki, onlardan da 172 min nəfəri Bakıda, 49 mini Sumqayıtda, 18 mini yerli sakinlərə məxsus mənzillərdə, 136 min nəfəri isə digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmışlar.
Müvəkkilin məcburi köçkünlərlə görüşü, onlarla birbaşa ünsiyyətdə olması, qayğı və problemlərinin yerində öyrənilməsi əhəmiyyətli olmuşdur.
Məcburi köçkünlərə hüquqi, psixoloji və digər yardımlar göstərilməsi,  məşğulluğun təmin edilməsi istiqamətində müvafiq tədbirlərin genişləndirilməsi, onların məskunlaşdığı qəsəbələrdə məktəbəqədər yaşlı uşaqlar üçün tərbiyə komplekslərinin və reabilitasiya mərkəzlərinin yaradılması məqsədəuyğundur.
Xocalı şəhərində törədilmiş soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında Ermənistan Silahlı Qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri zorakılıqlarla bağlı Müvəkkil bəyanatlar vermiş, onları BMT-nin Baş katibinə, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan ombudsmanlara, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına göndərilmişdir.
Yeri gəlmişkən, 613 həmvətənimizin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyi, 487 dinc sakinin ağır yaralandığı, 1.275 nəfərin isə girov götürüldüyü Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, tədbirlər planının hazırlanıb həyata keçirilməsi qərara alınmışdır.
Müvəkkilin və əməkdaşlarının xarici ölkələrə işgüzar səfərləri zamanı bütün beynəlxalq tədbirlərdə xalqımızın üzləşdiyi bu faciələri özündə əks etdirən çoxsaylı ədəbiyyat, bəyanatlar və disklər paylanmışdır.
BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) Genosid cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyanın 65-ci ildönümü münasibətilə genosidin qarşısının alınmasına dair 25-ci sessiyasında Müvəkkilin həmin mövzu üzrə bəyanatı səsləndirilmiş və qurumun rəsmi sənədləri sırasına daxil edilərək internet səhifəsində yerləşdirilmiş, 250 nüsxədə çap etdirilərək iştirakçılar arasında paylanmışdlır.
Müvəkkil 2016-cı ildə Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının (BMT QAK), Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəlikləri, habelə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzi ilə əməkdaşlığa xüsusi önəm vermişdir. Əməkdaşlığın nəticəsi olaraq, bu sahədə çalışan dövlət qulluqçuları üçün geniş maarifləndirmə işləri aparılmış, Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara, Biləsuvar və Cəlilabad rayonlarında çalışan sərhədçilər, həmçinin hakimlər və yerli hüquq-mühafizə orqanlarının nümayəndələri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının təhlükəsizlik idarəsinin əməkdaşları üçün silsilə regional təlimlər keçirilmiş, həmin tədbirlər Naxçıvan MR-də davam etdirilmişdir.
“Didərginlik situasiyalarında qadınların səlahiyyətləndirilməsi” layihəsinin həyata keçirilməsi vasitəsilə Azərbaycanda gender bərabərliyinin və qadınların səlahiyyətləndirilməsinin təşviqinə yönələn koordinasiyalı səylərə dəstək vermək məqsədi ilə 2016-cı ilin avqust ayında BMT QAK-la üç aylıq müddətinə Anlaşma Memorandumu imzalanmışdır. Bu layihə çərçivəsində 4.000 nüsxədə “Məişət zorakılığının qarşısını alaq” adlı vəsait çap edilmiş və onun əsasında Bakı, Sumqayıt, Gəncə, Goranboy və Mingəçevir şəhərlərində məcburi köçkün qəsəbələrində keçirilən təlimlərə 3.083 məcburi köçkün cəlb edilmişdir. Yeri gəlmişkən, 2017-ci il üçün də belə sənəd imzalanmışdır.
BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Furio De Angelis qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü işləri yüksək qiymətləndirmiş və bu sahədə ölkəmizin dünyada nümunəvi dövlət olduğunu bildirmişdir.
BMT QAK və UNİCEF-in birgə əməkdaşlıq çərçivəsində bir neçə dildə hazırlanmış BMT-nin Uşaq Hüquqları Konvensiyası çap olunmuş və bu vəsait əsasında Bakı, Füzuli, Göygöl, Gəncə və Goranboy şəhərlərindəki məcburi köçkün qəsəbələrində geniş maarifləndirmə tədbirləri keçirilmişdir.
Əcnəbilərdən, vətəndaşlığı olmayan, habelə sığınacaq axtaran şəxslərdən və miqrantlardan daxil olmuş müraciətlərin təhlili nəticəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə bir sıra təklif və tövsiyələr irəli sürülmüş və aidiyyəti qurumlara göndərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 24 avqust tarixli, 317 nömrəli qərarı ilə təsdiq edilmiş “Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nda həmin təkliflər nəzərə alınmışdır.
Müraciətlərin araşdırılması prosesində bəzi hallarda xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşlarının etibarsız sənədlərlə yaşaması və ya həmin ölkədə şəxsiyyətlərini təsdiq edən sənədlərinin itirilməsi ilə əlaqədar onlara qayıdış şəhadətnamələrinin verilməsi sürətləndirilmiş, bir sıra hallarda barəsində inzibati qaydada ölkə hüdudlarından çıxarılması haqqında qəbul edilmiş qərar ləğv edilmiş, əcnəbinin Azərbaycan Respublikasına girişinə icazə verilməsi təmin olunmuş, müxtəlif vaxtlarda ölkəmizdə sənədsiz yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qısa vaxt ərzində müvafiq sənədlə təmin edilərək öz ölkələrinə qayıtmaları təmin edilmişdir.
Həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi. Respublikamızda aparılan və davamlı xarakter daşıyan islahatlara uyğun olaraq, həbs yerlərinin, cəzaçəkmə müəssisələrinin müasir tələblərə və Avropa standartlarına uyğunlaşdırılması, saxlanma şəraitinin yaxşılaşdırılması, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Bu məqsədlə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında təmir-abadlıq işləri aparılmış, yataqxana və cərimə təcridxanalarında şərait təkmilləşdirilmiş, istilik sistemləri yenilənmiş, telefon danışığı, görüş, sinif, istintaq və vəkil otaqları, klublar, yeməkxana və gəzinti yerləri, aptek otaqları təmir olunmuşdur.
Qeyd edilənlərlə yanaşı, 2016-cı il ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində pozuntulara yol verən 286 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, 7 əməkdaş tutduğu vəzifədən azad edilmiş, 20 əməkdaş isə ədliyyə orqanlarından xaric olunmuşdur.
Müvəkkilin fəaliyyətinin ilk illərindən həbs yerlərində saxlanılan şəxslərin və məhkumların hüquq və azadlıqlarının qorunmasına, qanuni mənafelərinin təmin olunmasına xüsusi önəm vermişdir. Təsisat tərəfindən mütəmadi olaraq həbs yerlərinin və cəzaçəkmə müəssisələrinin monitorinqi aparılmış, həbsdə saxlanılan şəxslərlə və məhkumlarla görüş keçirilərək onların saxlanılma şəraiti, habelə şikayətləri yerində öyrənilmiş, müraciətlər üzrə müvafiq araşdırmalar aparılaraq, bu və ya digər məsələnin həlli ilə bağlı aidiyyəti dövlət qurumlarına tövsiyələr verilmiş, bir çox problemlər öz müsbət həllini tapmışdır.
Müvəkkil həbs yerlərində saxlanılan şəxslərin və məhkumların sağlamlıq hüququ ilə bağlı müraciət etmiş bir sıra şəxslərin tibbi müayinədən keçirilməsində, stasionar və ya ambulator müalicəyə cəlb edilməsində yardımçı olmuşdur. Belə ki, Müvəkkilin ünvanına daxil olmuş müraciətlər və keçirilmiş baxışlar zamanı aşkar olunmuş faktlarla bağlı görülmüş tədbirlər nəticəsində vərəm xəstəliyindən əziyyət çəkən məhkumların İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülməsi təmin olunmuş, bir neçə məhkumun narkomaniyadan məcburi müalicə kursunun növbəti mərhələsinə keçirilməsi üçün Müalicə Müəssisəsinə göndərilmiş, müraciət etmiş bir sıra məhkumlar tibbi müayinələrdən keçirilmiş, stasionar və ya ambulator müalicəyə cəlb edilmişlər.
Məlumata əsasən, penitensiar müəssisısələrdə saxlanılan xüsusi kontingent arasında vərəmdən ölüm faizi 2016-cı ildə 1995-ci illə müqayisədə 91 dəfə, 2005-ci illə müqayisədə 7,9 dəfə, 2010-cu illə müqayisədə isə 2,5 dəfə azalmışdır.
Cəzaçəkmə müəssisələrində məhkumların əməyə cəlb edilməsi onların islah olunmasına, peşə hazırlığının və müəssisələrdə idarəetməinin təkmilləşdirilməsinə, məhkumun cəzasını çəkdikdən sonra gələcəkdə cəmiyyətə adaptasiyasına xidmət edə bilər. Müvəkkil cəzaçəkmə müəssisələrində məhkumların əsas hissəsinin könüllü ictimai faydalı əməyə cəlb olunması məqsədi ilə yeni istehsalat sahələrinin yaradılması məsələsinin araşdırılmasını, bu məqsədlə imkanlı iş adamlarının və sahibkarların cəlb edilməsi ilə birgə tədbirlər həyata keçirilməsini, məhkumların fiziki iş qüvvəsinin sağlam əməyə istiqamətləndirilməsi yolu ilə onların islah edilməsini məqsədəmüvafiq hesab edərək, bu barədə təkliflər vermişdir. Bu, özlərinin saxlanma xərclərini ödəməklə yanaşı, ailələrinə də yardım etmələrinə imkan verərdi. Təqdirəlayiq haldır ki, təzə inşa olunan cəzaçəkmə müəssisələrində məhkumların əməyə cəlb olunması məqsədi ilə istehsalat sahələrinin yaradılması da nəzərdə tutulmuşdur. Bununla belə qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində yaradılmış xalçaçılıq və tikiş sexi fəaliyyət göstərməkdədir.
İnformasiya əldə etmək hüququnun təmini ilə bağlı Müvəkkilin ünvanına daxil olmuş müraciətlərlə əlaqədar həyata keçirilmiş tədbirlər, irəli sürülmüş təklif və tövsiyələr də nəzərə alınmaqla həbs yerlərində saxlanılan şəxslər və cəzaçəkmə müəssisələrindəki məhkumlar istədikləri qəzetlərlə təmin olunmuş, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən televiziya verilişlərinə baxmaq hüququna malik məhkumların televiziya kanallarını öz arzularına uyğun dəyişmək imkanı verilmiş, teleproqramlara baxışın müddəti artırılmışdır.
Qeyd edilməlidir ki, qadın cəzaçəkmə müəssisəsinin, yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsinin, penitensiar komplekslərin və həbsxananın tikintisinin sürətləndirilməsi zəruridir.
Müvəkkil illik məruzələrində Müvəkkil kifayət qədər əsaslar olmadığı və ya təqsirləndirilən şəxsin şəxsiyyəti, həmçinin törədilmiş cinayətin ictimai təhlükəliliyi nəzərə alınmadan prosessual məcburiyyət tədbiri kimi həbs qətimkan tədbirinin seçilməsini yolverilməz hesab etmiş, həmçinin çəzaçəkmə müəssisələrində istehsal sahələrinin yaradılmasını,  alternativ cəza növlərinin tətbiq edilməsini və məhkumların sayının azalmasına xidmət edəcək mediasiya institutunun formalaşdırılmasını təklif etmişdir.
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləş-dirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən, Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılmış, eyni zamanda cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpası və yeni sahələrin yaradılması imkanlarının araşdırılması, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi və bir sıra digər tələblər öz əksini tapmışdır.
Əsası Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunmuş, 61 əfv fərman və sərəncamları imzalanmış, minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşmuşlar.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 28 May - Respublika günü münasibəti ilə Milli Məclisə müraciəti əsasında 2016-cı ildə qəbul edilmiş "Amnistiya aktı" ümumilikdə 10.868 nəfərə şamil olunmuşdur.
Fəaliyyəti dövründə Müvəkkilin vəsatəti ilə ümumilikdə 518, 2016-cı ildə isə 25 məhkum əfv edilmişdir.

Hərbi qulluqçuların hüquqlarının müdafiəsi. Son illərdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da bir sıra nailiyyətlər qazanılmış, Silahlı Qüvvələr və başqa silahlı birləşmələrin maddi-texniki bazası xeyli gücləndirilmiş, müasir silahlar və hərbi texniki qurğularla təchizatı yaxşılaşmış, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün iri miqyaslı təlimlər keçirilmiş, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi və müdafiə potensialının inkişaf etdirilməsi məqsədi ilə əhəmiyyətli islahatlar aparılmışdır.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin Müvəkkilə ünvanladıqları müraciətlərin araşdırılması və təhlili, hüquqi maarifləndirmə və hərbi qulluqçuların sosial-məişət şəraitinin öyrənilməsi məqsədi ilə hərbi hissələrdə şəxsi heyətlə çoxsaylı görüşlər keçirilmişdir.
Hərbi xidmət zamanı sağlamlığına zərər dəymiş hərbi qulluqçulara, həmçinin xidmət zamanı həlak olmuş və ya aldığı xəsarət və xəstəlik nəticəsində xidmətdən sonra həlak olmuş şəxslərlə bağlı sığorta ödənişinin verilməsində problemlər qalmaqdadır. 1997-ci ilədək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri və əlil olmuş şəxslər Müvəkkilə müraciət edərək, müvafiq sığorta məbləğinin onlara ödənilmədiyini bildirmiş, məsələnin həllində müvafiq köməklik göstərilməsini xahiş etmişlər.
Həmin şikayətlərlə bağlı müraciətlərə Dövlət Sığorta Kommersiya Şirkətindən verilmiş cavablarda "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 28 yanvar tarixli qərarına əsasən, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 1997-ci il 20 may tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edildiyi, müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra həmin məsələyə baxılacağı bildirilmişdir.
Şəhid ailələrinin və hərbi qulluqçuların ailə üzvlərinin sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülsə də, bəzən icra qurumları tərəfindən onların hüquqlarının həyata keçirilməsində və imtiyazlarından istifadə etmələrində süni maneələr də yaradılır.
Hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyanın verilməsində mövcud olan problemlər həqiqi hərbi xidmətdə, ehtiyatda və istefada olan hərbi qulluqçuların şikayətlərinə səbəb olmuşdur. Bir qrup ehtiyatda və istefada olan hərbi qulluqçular isə əvvəllər xidmət etdikləri və hazırda ləğv edilmiş qurumların adı ümumiyyətlə Nazirlər Kabinetinin müvafiq qərarlarında qeyd edilməməsi səbəbindən onların istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyasını hansı qurumdan və hansı qaydada alacaqları müəyyən edilməmiş və həmin məsələ aidiyyəti, səlahiyyətli qurumun icraatındadır.
Müvəkkil məlum hadisələrlə bağlı Bakı və Sumqayıt şəhərlərində, həmçinin respublikanın müxtəlif bölgələrinə səfər edərək, aprel hadisələrində şəhid olmuş hərbi qulluqçularıın əksəriyyətinin ailələrində olmuş, şəhidlərin ailə üzvlərinə və əzizlərinə başsağlığı vermiş, ehtiyaclarını öyrənmişdir.
Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən biri də hərbi qulluqçuların hüquqi maarifləndirilməsidir. Ötən illərdə olduğu kimi Müvəkkilin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, habelə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının komandanları ilə birgə təsdiq etdiyi tədbirlər planı əsasında 2016-cı ildə Müvəkkil, onun hərbi məsələlər üzrə ixtisaslaşmış müşaviri və aparatın digər əməkdaşları həmin qurumların səlahiyyətli nümayəndələri ilə birlikdə bu qurumların tabeliyində olan hərbi hissə və müəssisələrdə olmuş, şəxsi heyətlə hüquqi maarifləndirmə işinin gücləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirmişlər. Onlar həm cəbhə xəttində yerləşən, həm də digər hərbi hissələrdə olmuş, zabit və əsgərlər qarşısında çıxış etmiş, hərbi qulluqçuların yaşayışı ilə yerində tanış olmuş, monitorinqlər aparmış, onların hüquqlarının təmin edilməsi vəziyyəti, xidmət və sosial-məişət şəraiti, sağlamlıq vəziyyəti və qidalanması və yeməklərin keyfiyyəti ilə tanış olmuş, yataq otaqlarına, istirahət yerlərinə, kitabxanaya, mətbəxə, hamama, sanitar qovşaqlara baxış keçirmiş, əsgərlərlə görüşə gəlmiş valideynlərlə söhbətlər aparmış, habelə zəruri maarifləndirmə tədbirləri görmüşlər.
Təcrübə göstərir ki, belə tədbirlər hərbi qulluqçuların hüquqlarının müdafiəsi, Silahlı Qüvvələrdə hüquqi maarifləndirmə və təlim-tərbiyə işinin gücləndirilməsi baxımından əhəmiyyətli olmuşdur. Müvəkkil və aparatın əməkdaşları tərəfindən 2016-cı il ərzində Müdafiə Nazirliyinin 17, DİN-in Daxili Qoşunlarının 5, FHN-in Mülki Müdafiə Qoşunlarının isə 4, ümumilikdə 26 hərbi hissədə belə tədbirlər həyata keçirilmişdir. Görüşlər zamanı mövcud olan şikayətlər yerində araşdırmış və hərbi qulluqçuların sualları cavablandırılmış, aidiyyəti yuxarı orqanların rəhbərliyinə rəsmi müraciətlər edilmişdir.

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi. Qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmin olunması, qadınların pozulmuş hüquqlarının bərpası sahəsində mühüm işlər görülmüş, zorakılıq əleyhinə maarifləndirici tədbirlər təşkil edilmişdir. Müvəkkilin ünvanına gender bərabərliyi ilə bağlı 48 müraciət daxil olmuş, hər biri üzrə səlahiyyətləri çərçivəsində tədbirlər görülmüş və əksər hissəsi öz həllini tapmışdır.
Müvəkkilin bu sahədə verdiyi bəzi təklif və tövsiyələrin əksər hissəsi ölkə Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında da öz əksini tapmış və həyata keçirilməkdədir.
MFPr-in təbliği və tətbiqi vəziyyətinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr çərçivəsində vətəndaşlarla, o cümlədən qadınlarla keçirilmiş görüşlər zamanı sosial və məişət problemləri ilə bağlı müraciətləri dinlənilmiş, onların siyasi fəallığının artırılması, seçib və seçilmək hüququndan səmərəli istifadə etməsi, təşəbbüskarlıq və könüllülük prinsiplərində öz şəxsi iradəsini nümayiş etdirməsi, qadınların  sosial və ictimai həyata inteqrasiya etməsinin demokratikləşmə prosesinə əhəmiyyətli təsir etməsinə nail olmaq məqsədilə geniş maarifləndirmə işi aparılmışdır. MFPr üzrə ictimai dinləmələrin nəticələri hər il kitab şəklində nəşr etdirilmiş, www.ombudsman.gov.az saytında yerləşdirilmişdir.
Müvəkkilin BMT-nin İnsan Hüquqları üzrə Komitəsinə təqdim etdiyi “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın implementasiyasına dair paralel hesabatda ayrı-seçkiliyin aradan qaldırılması sahəsində Azərbaycan dövləti tərəfindən görülən işlər, habelə Müvəkkilin gender bərabərliyinin təmini və qadın hüquqlarının müdafiəsi sahəsində təklifləri, o cümlədən həyata keçirilən çoxşaxəli fəaliyyəti öz əksini tapmışdır.
Müvəkkil öz fəaliyyətində qadınların təhsil hüququnun müdafiəsi, təmini və təbliği işinə geniş yer verir.
Pekin fəaliyyət platformasının müddəaları əsasında hazırlanan mühazirə və çıxışlar, Bakı Dövlət Universitetinin hüquq və digər fakültələrində “Gender nəzəriyyəsinə giriş” fənninin tədris olunması gender anlayışının təbliğinə, gender nəzəriyyəsinə yeni yanaşmaların formalaşmasına, gender münasibətlərinin təkmilləşməsinə və perspektiv inkişafına xidmət edir. Bununla yanaşı, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərinin tələbə və maqistrantları üçün praktiki tədris məşgələlər keçirilib. Onlara “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi sahəsində fəaliyyəti” mövzusunda mühazirələr oxunmuş və prezentasiya təqdim edilmişdir.
“Gender nəzəriyyəsinə giriş” adlı geniş həcmli tədris vəsaiti nəşrə hazırlanmışdır.
Müvəkkil tərəfindən Sumqayıt şəhərində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyanın rəsmi açılışı və bu kampaniyaya həsr edilmiş təlim keçirilmiş, köhnədən qalmış münasibətlərdə stereotipləri aradan qaldırmağın ağır, lakin zəruri proses olduğu bildirilmişdir.
Zorakılığa, o cümlədən məişət zorakılığına məruz qalmış qadınlar və insan alveri qurbanları üçün reabilitasiya proqramlarının hazırlanması və tətbiq edilməsi, regionlar da əhatə olunmaqla yeni sığınacaqların və resurs mərkəzlərinin istifadəyə verilməsi, habelə məişət zorakılığının və boşanmaların qarşısının alınması məqsədilə münaqişəli ailələrdə barışdırıcı missiyanı həyata keçirmək üçün müvafiq dövlət qurumlarında ixtisaslaşmış psixoloji xidmətin təşkili təklif olunur.
Zorakılığa qarşı mübarizə sahəsində həyata keçirilən fəaliyyətin daha da təkmilləşdirilməsi və bundan əziyyət çəkən insanların, xüsusilə qadınların hüquqlarının etibarlı müdafiəsi məqsədilə Avropa Şurasının 11 may 2011-ci il tarixli “Qadınlara qarşı və ailədə zorakılıq hallarının qarşısının alınması və mübarizəyə dair Konvensiyası”nın ratifikasiya edilməsi də zəruridir.
Qadın hüquqlarının təbliğinə daim dəstək verən Müvəkkil Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etmişdir.
Milli Məclisdə Ailə, qadın və uşaq komitəsinin yaradılması təklifi ilə dəfələrlə çıxış edən Müvəkkil həmin komitənin yaradılmasını yüksək qiymətləndirir.
Müvəkkil qadın cəzaçəkmə müəssisəsində amnistiya aktı münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmiş, azadlığa çıxanların halal zəhmətlə, ləyaqətlə yaşayacaqlarına, öz konstitusion hüquqları ilə yanaşı, vətəndaş borcunu da yerinə yetirəcəklərinə inandığını bildirmiş, onları ailələrinə qovuşmağa, cəmiyyətə və sağlam həyat tərzinə qayıtmağa çağırmışdır.
Müvəkkil tərəfindən ötən dövr ərzində səlahiyyətli dövlət qurumlarına insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, habelə əhalinin qayğıya daha çox ehtiyacı olan aztəminatlı qruplarının, o cümlədən qadınların sosial–iqtisadi problemlərinin kompleks həllinə yönəlmiş təklif və tövsiyələr ünvanlanmış, bu təkliflərin çoxu nəzərə alınmışdır.

Uşaq hüquqlarının müdafiəsi. 2016-cı ildə uşaq hüquqları ilə bağlı Müvəkkilin ünvanına 455 müraciət daxil olmuşdur. Həmin müraciətlərlə, o cümlədən təsisatda 24 saat ərzində xidmət göstərən uşaq hüquqları üzrə 916 nömrəli qaynar xəttə daxil olan 138 zənglə bağlı dərhal tədbirlər görülmüş, zəruri hallarda yerində araşdırmalar aparılmışdır.
Müraciətlər arasında uşaqların müayinə və müalicəsi ilə bağlı ərizələr çoxluq təşkil etmişdir. Müvəkkilin müraciəti əsasında müxtəlif şəhər və rayonlarda yaşayan uşaqların dövlət hesabına total müayinə olunması təşkil edilmiş və bununla bağlı müraciətlər təmin edilmişdir.
Müvəkkilin tapşırığına əsasən, Saray qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə, Lənkəran, Zaqatala, Balakən və Mingəçevirdə yerləşən İnteqrasiya Təlimli İnternat Tipli gimnaziyalara, Gəncə şəhəri Əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 45 saylı xüsusi məktəbə, Lənkəran şəhər O.Mirzəyev adına, habelə Şəki qarışıq tipli uşaq evlərinə baxış keçirilmiş, şəraitin qənaətbəxş olduğu müəyyən edilmiş, fəaliyyətin təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr verilmişdir.
Aparatın əməkdaşları tərəfindən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbinə, Siyəzən şəhər ümumi orta internat məktəbinə, Səhiyyə Nazirliyinin Gəncə şəhər körpələr evinə, Təhsil Nazirliyinin Goranboy rayonunda və Tovuz rayonunun Qovlar şəhərində yerləşən İnteqrasiya Təlimli İnternat Tipli gimnaziyalarına keçirilmiş başçəkmələr zamanı bəzi çatışmazlıqlar müəyyən olunmuş, aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Məlum olduğu kimi, Zərdabi qəsəbəsində olan və uşaq bağçasında yerləşən həmin internat məktəbin binası tam təmir olunmuş, kommunal problemlər öz həllini tapmışdır.
Quba Regional Mərkəzinin əməkdaşları tərəfindən Çətin tərbiyə olunan uşaqlar üçün qapalı tipli təlim-tərbiyə müəssisəsinə keçirilmiş başçəkmə məktəb binasının ötən əsrin əvvəllərində inşa olunduğu, mərkəzi isitmə sistemi ilə təchiz olunmadığı, hamam və sanitariya qovşaqlarının şəraitsiz və binanın əsaslı təmirə ehtiyacı olduğu məlum olmuşdur.
Müvəkkil əlamətdar günlərdə, bayramlarda bir ənənə olaraq, əhalinin daha çox ehtiyaclı təbəqələrinə, o cümlədən xüsusi ehtiyacı olan uşaqlara baş çəkir, onların vəziyyəti, problemləri ilə maraqlanır, yardımçı olur.
Daun sindromlu şəxslərin müdafiəsi günü və Novruz bayramı ərəfəsində Müvəkkil “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə gedərək uşaqlarla və müəllimlərlə görüşmüş, mərkəzin işi ilə yaxından tanış olmuşdur.
Müvəkkilin dəstəyi ilə ənənəvi olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində tədbirlər və konsert proqramı təşkil edilmişdir.
MPM funksiyalarının icrası məqsədilə Müvəkkil və MPQ üzvləri müntəzəm olaraq uşaqların yaşadıqları və saxlanıldıqları dövlət müəssisələrinə onlara qarşı zorakılıq hallarının aşkar olunması və aradan qaldırılması istiqamətində planlı monitorinqlər, başçəkmələr həyata keçirmiş, müvafiq tədbirlər görülmüşdür.
“Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Potensialının gücləndirilməsinə Dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Suraxanı rayonunda yerləşən 2 saylı Uşaq Evinə başçəkmə həyata keçirilmiş, uşaqların saxlanma şəraitinin qənaətbəxş olduğu məlum olmuşdur.
Uşaqlara diqqətin artırılması məqsədilə Müvəkkil tərəfindən hər il olduğu kimi, 2016-cı ildə də 20 oktyabr – 20 noyabr tarixlərində keçirilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərlə bağlı arayışlar təhlil edilərək ümumiləşdirilmiş, məqalə şəklində çap olunmuşdur.
Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində (AUGSŞ) və onun nəzdində fəaliyyət göstərən “Liderlik məktəbi”ndə müntəzəm olaraq uşaqların iştirakı ilə Uşaq Hüquqları Konvensiyasının müddəalarına əsaslanan treninqlər, vətənpərvərlik ruhunda maarifləndirmə tədbirləri keçirilmiş, problemlər müzakirə olunmuş, şəbəkədə dərnəklər yaradılmış, şəbəkə üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə muzeylərə, tarixi yerlərə səfərlər təşkil edilmişdir.
“Uşaq hüquqları üzrə pilləli tədris” proqramına ölkədəki 130-dan çox məktəb cəlb edilmiş, 2016-cı ildə isə Bakı şəhərinin hər rayonu üzrə bir, respublikamızın Şəki, Qəbələ, Qazax, Ağstafa, Xaçmaz, Şabran, Cəlilabad və Biləsuvar   rayonlarının hərəsindən bir ümumtəhsil məktəbi seçilməklə, 20 məktəbdə həyata keçirilmişdir.
Hər il olduğu kimi, 2016-cı ildə də UNICEF-lə imzalanan Birgə İş Planına əsasən, uşaq hüquqları sahəsində bacarıqların artırılması məqsədi ilə “Azərbaycanda uşaq hüquqlarının müdafiə mexanizmləri” mövzusunda treninqlər keçirilmişdir. Gəncə və Şəki şəhərlərində, Quba və Cəlilabad rayonlarında həyata keçirilən təlimlərdə uşaqlar, onlarla işləyən və müvafiq regionlardan seçilmiş şəxslər, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların nümayəndələri, müəllimlər, psixoloqlar və vətəndaş cəmiyyətinin üzvləri iştirak etmişlər. Bundan əlavə, “Uşaq Hüquqları Konvensiyası” adlı vəsait nəşr etdirilmiş və paylanmışdır.
Azərbaycan Hökumətinin hesabatları ilə bağlı BMT-nin Uşaq Hüquqları Komitəsinin (3 fevral 2012-ci il) tövsiyələri nəzərə alınaraq, yerli icra hakimiyyəti orqanları yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların işinin, strukturunun, səlahiyyətlərinin yenidən və əsaslı şəkildə qurulması məqsədilə müvafiq əsasnaməyə zəruri dəyişikliklərin edilməsi, habelə bu komissiyaların zəruri insan və texniki resurslarla təmin olunması məqsədəuyğundur.
Artıq Milli Məclis tərəfindən imzalanmış “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunmasına dair” Avropa Şurası Konvensiyasının ratifikasiya edilməsi, “Yuvenal ədliyyə”, “Uşaqların istirahətlərinin təşkili” və “Uşaqların zərərli məlumatlardan müdafiəsi haqqında”, habelə layihəsi UNİCEF-in dəstəyi ilə hazırlanmış və 2009-cu ildə Milli Məclisə təqdim edilmiş “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” müvafiq qanunların qəbul olunmasının sürətləndirilməsi təklifi ilə Müvəkkil tərəfindən Milli Məclisə müraciət edilmişdir.
Uşaqların tərbiyəsinə, təhsilinə və maarifləndirilməsinə yönəlmiş televiziya proqramlarının hazırlanması və yayılması məqsədilə “Uşaq televiziyası”nın yaradılmasına da ehtiyac vardır. 
Müvəkkil və əməkdaşları UNICEF və BMT QAK-la birgə ölkə ərazisində - Bakı, Füzuli (Horadiz), Göygöl, Gəncə və Goranboyda məskunlaşan və məcburi köçkün ailələri üçün salınmış yeni qəsəbələrdə yaşayan şagird və müəllimlər üçün Uşaq Hüquqları Konvensiyası üzrə maarifləndirici təlimlər keçirmiş, iştirakçılara nəşr olunmuş Konvensiya kitabı paylanmışdır. BMT QAK-la birgə Bakı, Gəncə, Goranboy, Mingəçevir və Sumqayıtda məcburi köçkünlərin məişət zorakılığı, qadın və uşaqlara qarşı zorakılıqla mübarizə üzrə biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirləri keçirilmişdir.
2016-cı ildə Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Litva Respublikasının Vilnüs şəhərində Avropa Uşaq Ombudsmanları Şəbəkəsi (ENOC) və Litvanın Uşaq Hüquqları üzrə Müvəkkili tərəfindən təşkil olunan ENOC-un 20-ci İllik konfransı və Baş Assambleyasında iştirak etmişdir. Aparatın əməkdaşı “Azərbaycan Ombudsmanı tərəfindən uşaqların maariflənməsində onların iştirakının təmin edilməsi” mövzusunda təqdimat etmiş, Müvəkkilin uşaq hüquqları sahəsində fəaliyyətində uşaqların iştirakının təmin edilməsi haqqında məlumat vermişdir.
Qazaxıstan Respublikasının Uşaq hüquqları üzrə müvəkkili və UNICEF-in ölkə Nümayəndəliyi tərəfindən keçirilən “Uşaqlara dost olan Qazaxıstan” adlı beynəlxalq konfransda Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində Müvəkkilin fəaliyyəti barədə geniş məlumat vermişdir.
Avropa Şurasının və Fransa Ombudsman təsisatının təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində keçirilən “Avropada uşaqların vəziyyəti: miqrant uşaqların müdafiəsi və gələcəyi” mövzusuna həsr edilmiş beynəlxalq konfransda iştirak edən aparatın əməkdaşı çıxış edərək, respublikamızda qaçqın və miqrant vəziyyətində yaşayan uşaqların hüquqlarının daha səmərəli müdafiəsi sahəsində aparılan islahatlar, habelə təsisat tərəfindən həyata keçirilmiş tədbirləri diqqətə çatdırmışdır.

Ahılların hüquqlarının müdafiəsi. Müvəkkil fəaliyyəti dövründə ahılların sosial vəziyyətini, onların hüquqlarının müdafiəsilə bağlı məsələləri diqqətdə saxlamış, əhalinin diqqət və qayğıya ehtiyacı olan bu həssas qrupun problemlərinin mümkün qədər həll edilməsi məqsədilə aidiyyəti dövlət qurumları qarşısında bir sıra əhəmiyyətli təkliflər irəli sürmüşdür.
Müvəkkilin  illik məruzələrində ahılların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə büdcə imkanları çərçivəsində pensiya məbləğinin tədricən artırılması imkanlarına baxılması, tənha, hərəkət qabiliyyəti məhdudlaşmış ahıllara evdə xidmət işinin keyfiyyətinin yüksəldilməsi, günərzi xidmət sahələrinin yaradılması üçün hər bir şəhər və rayonda xüsusi xidmətin, habelə müvafiq səhiyyə müəssisələrində herontoloji xidmətin təşkil edilməsi və ixtisaslaşmış mütəxəssislərin hazırlanması kimi təklifləri aidiyyəti dövlət qurumları tərəfindən müsbət qarşılanmış  və zəruri tədbirlər görülməkdədir.
Müvəkkilin təşəbbüsü və rəhbərliyi ilə “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın layihəsi hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş, nazirlik tərəfindən müvafiq əlavələr edildikdən sonra həm təsisatda, həm də nazirlikdə beynəlxalq ekspertlərin də iştirakı ilə keçirilən tədbirlərdə müzakirə edilmişdir.
Nəsillər arasında körpü yaradılması, bir-birinə inam, hörmət və diqqət kimi nəcib hislərin tərbiyə olunması Müvəkkilin ideyalarının ana xəttini təşkil edir. Odur ki, bu ideyalar onun təşəbbüsü ilə yaradılan “Ahılların Resurs Mərkəzi”nin və “Uşaq və Gənclərin Sülh Şəbəkəsi”nin təcrübəsinə əsaslanaraq, könüllüləri cəlb etməklə geniş formada davam etdirilir.
Ahıllara və digər imtiyazlı şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada köməklik edə biləcək könüllüləri cəlb etmək məqsədilə ictimai şuraların təşkil edilməsi məqsədəuyğundur.
İnsanların ömürboyu təhsil hüququnu, həyat boyu davamlı olaraq yeni biliklərə yiyələnmək tələbatını nəzərə alaraq, “Yaşlıların təhsili haqqında” qanun layihəsinin müzakirəsinin təşkili və təkmilləşdirilərək qəbul olunması zəruridir.
Müvəkkilin təşəbbüsü ilə ərsəyə gələn və müvafiq qanunvericilik aktlarının bələdçi formasında toplandığı “Layiqli ahıllığa doğru” kitabının hazırlanmasında məqsəd yaşlı insanları dövlət tərəfindən sağlamlıq, təhsil və digər vacib məsələlərə dair müəyyən edilmiş yardım və xidmətlər barədə qayda və prosedurlar barədə məlumatlandırmaqdır.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi. Müvəkkilin fəaliyyəti dövründə əhalinin sosial cəhətdən həssas olan bu qrupunun problemlərinin həlli məqsədi ilə müxtəlif tədbirlər görülmüşdür.
Ölkəmizin 2008-ci il 2 oktyabr tarixli qanunu ilə ratifikasiya edilmiş BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il 13 dekabr tarixli Konvensiyası ilə müəyyən olunmuş öhdəliklərin icrası istiqamətində bir sıra zəruri təkliflər irəli sürülmüşdür.
Əvvəlki illik məruzələrdə də qeyd edildiyi kimi, beynəlxalq təcrübə nəzərə alınmaqla həmin Konvensiyanın 33.2-ci maddəsində yaradılması nəzərdə tutulan müstəqil monitorinq mexanizminin funksiyalarının Paris Prinsiplərinə uyğun fəaliyyət göstərən və “A” statusu ilə akkreditasiya olunmuş Müvəkkil tərəfindən həyata keçirilməsi məqsədəuyğun hesab edilmiş, bu funksiyaların həyata keçirilməsi üçün tədbirlər görülməsi tövsiyə edilmiş, bu məqsədlə Müvəkkil tərəfindən müvafiq Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədə hazırlanmış layihə Milli Məclisə təqdim edilmişdir.
Təklif olunan dəyişiklikliyə görə, Müvəkkil milli insan hüquqları institutu kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizm funksiyalarını yerinə yetirir və bu funksiyalar Müvəkkilin aparatında yaradılan müvafiq struktur bölmə tərəfindən həyata keçirilir. Müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi qaydaları isə Müvəkkil tərəfindən müəyyən edilir. Eyni zamanda əlilliyi olan şəxslər və onları təmsil edən qeyri-hökumət təşkilatları Müvəkkil tərəfindən monitorinq prosesinə cəlb oluna bilər.
Müvəkkil Dəyişdirilmiş Avropa Sosial Xartiyasının “Əlilliyi olan şəxslərin müstəqillik, sosial inteqrasiya və cəmiyyətin həyatında iştirak etmək hüququ”ndan bəhs edən 15-ci maddəsinin, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı çərçivəsində qəbul edilmiş “Korların və görmə qüsurlu və ya çap məhsullarını qavramaqla bağlı digər əlilliyi olan şəxslərin nəşr olunmuş əsərlərə əlçatanlığını asanlaşdırmağa dair Mərakeş Müqaviləsı”nın dövlətimiz tərəfindən ratifikasiya edilməsini təklif etmişdir.
Müvəkkil tərəfindən təqdim edilmiş təkliflərin böyük əksəriyyəti nəzərə alınmaqla hazırlanmış “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramı”nın, “Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inkluziv təhsilin inkişafına dair Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın, “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan fəaliyyət şəraitinin yaradılması Qaydaları”nın layihələrinin qəbul edilməsinin sürətləndirilməsini təklif etmişdir.
Əlilliyi olan şəxslərin məşğulluq probleminin həlli məqsədi ilə onlar üçün bərabər imkanların yaradılması, qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsinə diqqətin artırılması, onların işlə təmin olunmasına görə nəzərdə tutulan kvotaların yerinə yetirilməsində fəallıq göstərən işəgötürənlərin həvəsləndirilməsi üçün tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur.
Müvəkkil tibbi-sosial ekspertiza sahəsində münasibətləri tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsini təklif etmişdir.
Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, I dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda II və III dərəcə əlillik müddətsiz, digər hallarda isə II və III dərəcə əlillik 5, II dərəcə əlillik fasiləsiz olaraq 10, III dərəcə əlillik isə fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” və 2016-cı il 30 mart tarixli qərarı ilə “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” təsdiq edilmişdir.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü ilədək və 2014-cü il ərzində növbədə dayanan 1.933 imtiyazlı hər bir şəxsə avtomobil verilmişdir.
Müvəkkil son dövrlər autizm sınromlu uşaqların valideynləri, digər qanuni nümayəndələri və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları tərəfindən daxil olan çoxsaylı müraciətləri təhlil edərək “Autizm sindromlu şəxslərə dövlət qayğısı haqqında” Qanunun qəbul edilməsini, o cümlədən “Autizm sindromunun profilaktikası, müalicəsi, reabilitasiyası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın, “Autizm sindromlu şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın, “Autizm sindromlu şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı”nın, “Autizm sindromlu şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat Qaydası”nın, “Autizm sindromlu şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın, “Autizm sindromunun müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının Siyahısı”nın və digər bu kimi müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanaraq təsdiq olunmasını təklif etmişdir.
Böyümə hormonu çatışmazlığından – nanizmdən əziyyət çəkən uşaqların müayinə və müalicəsi üçün zəruri tədbirlərin görülməsi, Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 nömrəli Qərarına əsasən Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısına “somatotropin” hormonunun əlavə edilməsi məqsədəuyğundur.
3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü və BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin 10 illiyi münasibətilə dəyirmi masa keçirilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya – 10 il: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda olan bu tədbirdə aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, bu qəbildən olan şəxsləri təmsil edən QHT-lərin, habelə KİV-lərin nümayəndələri iştirak etmişlər.

 

II fəsil.

 

 

Hüquqi maarifləndirmə, elmi-analitik iş və
beynəlxalq əlaqələr sahəsində fəaliyyət, ictimaiyyətlə və
kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

 

 


2.1.  İnsan hüquqları sahəsində maarifləndirmə

 

Müvəkkilin əsas fəaliyyət istiqamətlərindən birini də insan hüquqları sahəsində maarifləndirmə işi təşkil edir. Buna görə də o, ölkəmizin dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi ilə yanaşı, əhalinin hüquqi bilikləri və düşüncəsinin inkişaf etdirilməsinə yönəlmiş hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətini davamlı olaraq təkmilləşdirməkdədir.
2016-ci ildə MFPr-in icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədi ilə respublikanın şəhər və rayonlarında yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının, bələdiyyələrin, yerli icmaların, qaçqın və məcburi köçkünlərin, milli azlıqların, QHT və KİV-lərin nümayəndələrinin, təhsil və səhiyyə işçilərinin, fəal qadınların və gənclərin, geniş ictimaiyyətin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.  
Milli Mətbuat Günündə Bakıda təşkil olunmuş yekun ictimai dinləmə Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, MFPr-in icraçı qurumları olan dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının, paytaxtın 12 rayonunun icra hakimiyyətlərinin nümayəndələri, Bakı şəhəri üzrə rayon polis idarələrinin və polis bölmələrinin vəzifəli şəxsləri, QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Ölkəmizdə keçirilmiş ümumxalq səsverməsi (referendum) ərəfəsində Müvəkkilin təşəbbüsü ilə MFPr-in icrası çərçivəsində Mərkəzi Seçki Komissiyası ilə birgə təsisatın əməkdaşları üçün seçki hüququ mövzusunda treninq təşkil olunmuş, həmçinin regional mərkəzlər tərəfindən yerlərdə silsilə maarifləndirmə tədbirləri keçirilmişdir.
Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq respublikamızda 18 iyun – Milli İnsan Hüquqları günü ərəfəsində “İnsan Hüquqları aylığı”, 21 sentyabr – Beynəlxalq Sülh günü ilə bağlı “Sülh aylığı”, 20 noyabr - BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” elan olunmuş və bununla əlaqədar bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-ə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət ünvanlamışdır. Hər bir aylıqla bağlı görülən işlər təhlil edilərək Müvəkkilin məqaləsində öz əksini tapmış, rəsmi dövlət qəzetində dərc edilmiş, təsisatın rəsmi saytında yerləşdirilmiş və ictimaiyyətə çatdırılmışdır.
BMT-nin müvafiq günləri ilə bağlı silsilə tədbirlər təşkil edilir ki, bu da dövlətin və cəmiyyətin diqqətini əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə yönəldilməsinə və bu sahədə maarifləndirmə işinin daha kütləvi şəkildə həyata keçirilməsinə zəmin yaradır.
Müvəkkilin təşəbbüsü ilə ötən dövrdə Bakı Dövlət Universitetində “İnsan hüquqları”, habelə “Genderə giriş” fənlərinin müstəqil fənn kimi tədrisinə, yeni nəsil hüquqşünaslar, sosial işçilər və ixtisaslaşmış psixoloqların hazırlanması işinə başlanılmış, eyni zamanda həmin ali təhsil ocağında “İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO” kafedrası yaradılmışdır. “Genderə giriş” fənni üzrə mühazirələr toplusu kitabı hazırlanmışdır.
Müvəkkilin təklifi nəzərə alınaraq, MFPr-in 4.4-cü bəndində öz əksini tapmış “orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi” ilə əlaqədar Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində “Uşaq hüquqları üzrə pilləli tədris” proqramının həyata keçirilməsi də hüquqi maarifləndirmə işinə öz töhfəsini verir.
Belə ki, 2016-cı ildə Bakı şəhərinin hər rayonu üzrə, habelə respublikamızın Şəki, Qəbələ, Qazax, Ağstafa, Xaçmaz, Şabran, Cəlilabad və Biləsuvar rayonlarının hərəsindən bir, ümumilikdə isə 20 orta məktəb seçilməklə hər birində “Uşaq hüquqları üzrə pilləli tədris” həyata keçirilmişdir. Uşaq Hüquqları aylığı çərçivəsində həmin məktəblərdə tədbirlər təşkil edilmiş və fərqlənən 1231 şagirdə sertifikat, 20 direktor və 71 müəllimə təşəkkürnamə, eyni zamanda hər birinə tərcümə edilmiş və yaşlarına uyğun nəşr olunmuş Uşaq Hüquqları Konvensiyası kitabı bağışlanmışdır.
Ümumilikdə həmin tədris proqramına ölkədəki 130-dan çox məktəb cəlb edilmiş, bu prosesdə fərqlənmiş 7500-dən artıq şagirdə və 600-dən çox müəllimə, o cümlədən direktorlara Müvəkkil tərəfindən təşəkkürnamə verilmişdir.
Təsisatda hər il olduğu kimi 2016-cı ildə də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının “İnsan  hüquqları” ixtisaslaşması və Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrası “Avropa hüquqları” ixtisaslaşması magistrantlarının elmi-tədqiqat, habelə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin 42 tələbəsinə istehsalat təcrübəsi keçirilmişdir. Ötən dövr ərzində 272 tələbə və magistrant Müvəkkilin aparatında elmi-tədqiqat və istehsalat təcrübəsi keçmiş və onlara bu barədə xasiyyətnamə verilmişdir.
Müvəkkil tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Polis, Ədliyyə, habelə Azərbaycan Əmək və Sosial Münasibətlər akademiyalarında, Baş Prokurorluğun tədris mərkəzində, hərbi sahədə kadr hazırlayan təhsil müəssisələrində bu müəssisələrin proqramına əsasən, gənc müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına ünvanlanan ardıcıl maarifləndirici tədbirlər təşkil olunur ki, bu da insan hüquqları tədrisi vasitəsilə onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.
Müvəkkilin regional mərkəzləri də bölgələrdə əhalinin müxtəlif qruplarına ünvanlanan geniş hüquqi maarifləndirmə tədbirləri həyata keçirir.
Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzləri cəlb olunmaqla “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü” və may ayının üçüncü bazar günü qeyd olunan İİV/QİÇS xəstəliyindən vəfat etmiş insanların anım günü, 26 iyun – Narkomaniyaya qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində uyğun tədbirlər planı əsasında davamlı olaraq silsilə tədbirlər keçirilməklə bu qlobal problemlərə diqqət yönəldilmişdir.
Müvəkkil və aparatın əməkdaşları Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin bir sıra hərbi hissələrində olmuş, hərbi qulluqçuların vəziyyətinin öyrənilməsi ilə yanaşı maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Hüquqi maarifləndirmə işinin effektivliyini təmin edən müxtəlif özəklərdə, mütəmadi olaraq minlərlə insanın faydalandığı, Müvəkkilin Ahılların Resurs Mərkəzində qadınlara, ahıllara və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi (AUGSŞ) nəzdində müntəzəm fəaliyyət göstərən, uşaq hüquqları təhsili məqsədi daşıyan “Liderlik məktəbi”ndə insan hüquqları sahəsində məlumatlı gənclərin yetişdirilməsi işinə xüsusi diqqət ayrılmışdır. Uşaq və gənclərin öz hüquqlarını öyrənməsinə və bu hüquqları öz yaşıdlarına öyrətməsinə, onlarda vətənpərvərlik hissinin aşılanmasına, uşaq və gənclərdə liderlik bacarıqlarının, ictimai fəallığın formalaşdırılmasına xidmət edən silsilə tədbirlər təşkil olunmuşdur.
Müvəkkil, Mədəniyyət və Turizm Nazirliyi, Azercell, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Ümidli Gələcək Gənclər İctimai Birliyi tərəfindən dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların nümayəndələrinin, habelə çoxsaylı uşaqların iştirakı ilə “Heç bir uşağı nəzərdən qaçırmayaq!” Milli İctimai Mükafatın 5-ci təqdimetmə mərasimi və “Uşaq qaynar xəttinin mobil əlavəsi” təqdimatına həsr olunmuş birgə tədbir təşkil edilmişdir. Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində “İlin QHT”-si nominasiyası üzrə “Heç bir Uşağı Nəzərdən Qaçırmayaq” Milli İctimai Mükafat-2016-ya layiq görülmüşdür.
Müvəkkilin fəaliyyəti dövründə 178 adda nəşrlər hazırlanmış, 23-dən artıq insan hüquqlarına və layiqli idarəetməyə dair xarici ədəbiyyat dilimizə tərcümə olunmuş, o cümlədən  Azərbaycan dilində olan 51 vəsait ingilis dilinə, 39-u isə rus dilinə tərcümə olunaraq çap edilmiş, geniş oxucu auditoriyası arasında yayılmış, şəhər və rayonlardakı kitabxanalara, xarici ölkələrin Ombudsman təsisatlarına, insan hüquqları sahəsində fəaliyyət göstərən institutlara, milli kitabxanalara paylanmış, həmçinin bir neçə beynəlxalq sərgidə, o cümlədən 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Frankfurtda və İstanbulda keçirilən Beynəlxalq Kitab sərgilərində nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır.


2.2.  Müvəkkilin elmi-analitik sahədə fəaliyyəti

Müvəkkilin elmi-analitik işinin təşkili ilə bağlı fəaliyyətinin əsas istiqamətləri sırasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud strategiyaların, konsepsiyaların, dövlət proqramlarının, milli fəaliyyət planı və proqramlarının həyata keçirilməsi, monitorinqi və əlaqələndirilməsini, qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinə dair rəy və təkliflərin işlənib hazırlanmasını, bəzi normativ aktların (qanunvericilik, icra və yerli özünüidarə orqanlarının) müvafiq müddəalarının, o cümlədən məhkəmə aktlarının ölkə Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair sorğularla Konstitusiya Məhkəməsinə müraciəti qeyd etmək olar.
Müvəkkil tərəfindən həyata keçirilmiş monitorinqlər nəticəsində müəyyən olunmuşdur ki, 25 illik müstəqilliyi dövründə ölkəmizdə bilavasitə və ya dolayısı ilə insan hüquqları ilə əlaqədar 200-dən çox strategiya, konsepsiya, dövlət proqramı, milli fəaliyyət planı və proqramları qəbul olunmuşdur.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrası ilə bağlı dövlət orqanlarının, təşkilatlarının və müəssisələrinin fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədi ilə yaradılmış Milli Fəaliyyət Qrupunun tərkibinə Müvəkkil də daxil edilmişdir. Həmin konsepsiyanın prioritet istiqamətləri BMT tərəfindən qəbul edilmiş 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdığını nəzərə alaraq, qarşıda duran vəzifələrin səmərəli icrasına kompleks şəkildə nail olmaq üçün müvafiq dövlət sənədlərinin icrası vəziyyətinin və əldə olunmuş nəticələrin monitorinqinin keçirilməsi davam etdirilməlidir.  
Müvəkkil gələcəkdə Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin etibarlılığının və səmərəliliyinin artırılması məqsədi ilə “Cinayətkarlığa qarşı mübarizə üzrə Dövlət Proqramı”nın hazırlanaraq təsdiq edilməsini təklif etmişdir.
Müvəkkilin illik məruzələrində müasir dövrdə insan hüquqlarına zəmanət verən və ölkəmizin hazırda iştirakçısı olmadığı bir sıra mühüm beynəlxalq müqavilələrin dövlətimiz tərəfindən ratifikasiya edilməsi təklif olunmuşdur. Lakin ötən dövrlərdə həmin sənədlərin ratifikasiyası ilə bağlı müvafiq qanunlar qəbul edilməmişdir.
Müasir dövrdə insan hüquq və azadlıqlarına zəmanət verən və ölkəmizin hazırda iştirakçısı olmadığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyaya dair 12 saylı Protokol”a qoşulmağı tövsiyə olunmuşdur.
Müvəkkil Milli Məclisdən, dövlət orqanlarından, habelə QHT-lərdən daxil olmuş qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinə dair rəy və təkliflərin işlənib hazırlanmasında da yaxından iştirak edir.
Belə ki, Milli Məclisdən daxil olmuş “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Gənclər siyasəti haqqında” qanunlara dəyişikliklər edilməsi barədə, “Elm haqqında”, “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında”, “Psixoloji yardım haqqında” və başqa qanun layihələrinə  baxılmış və onlara dair müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir.
Ölkə Prezidentinin 2016-cı il 15 fevral tarixli, 795 saylı Fərmanının 1.1.4-cü yarımbəndinin icrası ilə əlaqədar hazırlanmış “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” üzrə layihəyə dair müvafiq rəylər bildirilmişdir.
2016-cı ildə Müvəkkil Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli, 217 saylı və 2014-cü il 26 dekabr tarixli, 399 saylı qərarlarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 37-ci maddəsinə, 149-cu maddəsinin I və V, Mülki Məcəllənin 157.5, 157.6, 166.2, 181.4, 188.3, 328.9, 328.10, 986-8.2, 1076-2.4, 1093.2.2, 1137, 1139, 1140, 1142, 1143, 1261-ci maddələrində müvafiq olaraq istifadə edilən “vicdansız”, “ləyaqətsiz” ifadələrinin  Mülki Prosessual Məcəlləsinin 120, 320.3-cü maddələrində, habelə Cinayət Məcəlləsinin 189-1.3,  314.1, 328.3-cü maddələrinin məzmunlarında ifadə edilən “vicdansız” və “vicdansızcasına” sözlərinin Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin II hissəsinə, 149-cu maddəsinin I və III, Mülki Məcəllənin 1176.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə, 149-cu maddəsinin I və III, habelə Mülki Məcəllənin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinə sorğularla müraciət etmişdir.
Müvəkkilin fəaliyyəti dövründə Konstitusiya Məhkəməsinə ünvanladığı 34 sorğudan iyirmi sorğu üzrə plenum tərəfindən qərarlar (üçü qərardad olmaqla), on üç iş üzrə palata tərəfindən istər nəzəri, istərsə də təcrübi əhəmiyyət kəsb edən genişləndirici şərhləri özündə ehtiva edən qərardadlar qəbul edilmiş, bir sorğunun plenumda baxılması nəzərdə tutulmuşdur.


2.3.  İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq

İctimaiyyətlə əlaqələr və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq. Müvəkkilin çoxşaxəli fəaliyyətini tanıtmaq, təklif və təşəbbüsləri ilə bağlı ictimai rəyi öyrənmək, adekvat ictimai fikir formalaşdırmaq məqsədilə fəaliyyətinin ilk günlərindən dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, icmalar və geniş ictimaiyyətlə sıx əlaqələr qurulmuşdur.
Qarşılıqlı əməkdaşlığın daha faydalı və məqsədyönlülüyünə nail olmaq üçün Müvəkkil yanında yaradılmış müstəqil Ekspertlər Şurasında qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlər təmsil olunmuşlar. Sözügedən Şuranın məqsədi ölkədə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsi, müvafiq qanunvericiliyin, beynəlxalq konvensiyaların, ölkədaxili qanunların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, birgə tədbirlər həyata keçirilməsidir. Müvəkkilin sədrlik etdiyi və onun təşəbbüsü ilə formalaşdırılmış bu Şura insan hüquqları sahəsində fəaliyyət göstərən yerli QHT-lərin də daxil olduğu, təsisatda könüllülük əsasında fəaliyyət göstərən müstəqil ictimai məşvərətçi qurumdur. Yarandığı ilk illərdən təsisatda şura üzvlərinin iştirakı ilə seminarlar, dəyirmi masalar, görüşlər təşkil olunmuşdur. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də Ekspertlər Şurasının növbəti toplantısı keçirilmişdir. Toplantıda təsisatın əməkdaşları, çoxsaylı QHT-lərin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdə Şuranın yeni tərkibi təsdiqlənmiş, gələcək fəaliyyət istiqamətləri və prioritetləri müəyyən edilmiş, o cümlədən BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, beynəlxalq təşkilatlara veriləcək hesabatların hazırlanması, qanunvericilik üzrə təkliflərin irəli sürülməsi, hüquqi maarifləndirmə işinin aparılması və digər sahələrdə əlaqələndirilmiş fəaliyyətə dair məsələlər müzakirə edilmişdir.
Müvəkkil 2016-cı ildə də dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti və ictimaiyyət nümayəndələrinin iştirakı ilə insan hüquqlarının müxtəlif aspektlərinə həsr olunmuş tədbirlər keçirmişdir. Təsisat tərəfindən təşkil edilmiş konfranslarda, ictimai dinləmələrdə və digər tədbirlərdə çoxsaylı dövlət qurumları və QHT nümayəndələri təmsil olunmuşlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya – 10 il: görülmüş işlər və qarşıda duran vəzifələr”, “Azərbaycanda sahibkarların maraqlarının qorunması: mövcud hüquq-müdafiə vasitələri”, “Biznes və insan hüquqları” mövzularında, 20 Yanvar faciəsinin 26-cı ildönümünə, Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə, 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolunun qüvvəyə minməsinin 10 illiyinə həsr olunmuş tədbirlərdə, habelə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə (BMT QAK) birgə “Məcburi köçkünlük şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində təlimlərdə və digər mövzularda çoxsaylı dəyirmi masalarda, tədbirlərdə müzakirəyə çıxarılmış məsələlərlə bağlı işgüzar dialoq aparılmış, təklif və mülahizələr söylənilmiş, tövsiyələr irəli sürülmüşdür. Bu tədbirlər Müvəkkilin dövlət qurumları ilə yanaşı, müvafiq QHT-lərlə də qarşılıqlı əməkdaşlığının daha bir nümunəsidir.
Ənənəvi olaraq, “10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə “Mən və hüquqlarım” mövzusunda uşaq rəsmləri müsabiqəsi keçirmişdir. Ötən dövrdəki müsbət təcrübə kimi, BMT QAK-ın ölkəmizdəki nümayəndəliyi ilə birgə keçirilmiş bu müsabiqədə qalib olan uşaqlar mükafatlar və sertifikatlar almışlar.

Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq. Müvəkkil kütləvi informasiya vasitələri ilə səmərəli əlaqələrə mühüm yer verir və bu çoxşaxəli əməkdaşlıq onun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Təsisatın məqsəd və məramları, yeni ideya və təşəbbüsləri, fəaliyyətinin əsas istiqamətləri və tədbirləri barədə press relizlər və məlumatlar müxtəlif qəzet və jurnallara, informasiya agentliklərinə, online xəbər portallarına, teleradio kanallarına və elektron qəzetlərə göndərilir.
Müvəkkil öz işini yazılı və elektron KİV-lə, televiziya və radio, habelə Milli Teleradio Şurası, mətbuatın özünütənzimləməsinə yönəldilmiş Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, jurnalist qurumları ilə sıx əlaqələr və əməkdaşlıq şəraitində qurmuşdur.
Ölkəmizdə nəşr olunan aparıcı qəzetlərin, mərkəzi və yerli teleradio kanallarının, yerli KİV-in müxbirləri ilə sıx əməkdaşlıq yaradılmış və davam etdirilmişdir. Bu, təsisatın fəaliyyətini geniş əhali kütləsinə çatdırmaq üçün mühüm vasitədir.
Təsisatın fəaliyyəti barədə ümumilikdə 10.656, o cümlədən 2016-cı ildə 556 məqalə və informasiya dərc edilmişdir.
Mətbuat xidməti fəaliyyət dövründə 3.867, o cümlədən 2016-cı ildə 289 press reliz hazırlamışdır. Həmin press relizlər ingilis dilinə çevrilərək Avropa Şurasına göndərilmişdir.
Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsinə həsr edilmiş bir sıra məqalələri xarici jurnallarda nəşr edilmişdir.
Təsisatın fəaliyyətə başladığı vaxtdan Müvəkkil 114-dən artıq bəyanat vermiş, o cümlədən 2016-cı ildə 20 Yanvar faciəsinin 26-cı ildönümü, Xocalı soyqırımının 24-cü ildönümü, 31 mart Azərbaycanlıların Soyqırımı günü, habelə 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi ilə əlaqədar bəyanatları nüfuzlu beynəlxalq qurumlara - BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir. Bəyanatların mətnləri bir çox dövri mətbuat nümunələrində dərc edilmiş, televiziya və radio verilişlərində səsləndirilmişdir.
Aylıq İnformasiya Bülletenlərinin 144, o cümlədən 2016-cı ildə 12 sayı hazırlanmış və təsisatın saytında yerləşdirilmişdir. Həmin bülletenlər, eyni zamanda dörd kitabda (2007-2008, 2009-2010, 2011-2012 və 2013-2014-cü illər) toplanaraq nəşr edilmişdir.
Təsisatın nümayəndələri media məsələlərinə dair keçirilmiş tədbirlərdə iştirak etmiş və müzakirələrə qatılmış, həmçinin təsisat tərəfindən təşkil edilmiş konfranslarda, ictimai dinləmələrdə və digər tədbirlərdə çoxsaylı KİV nümayəndələri təmsil olunmuş, Müvəkkilin fəaliyyəti ilə bağlı hazırlanmış məqalələr mətbuat səhifələrində dərc edilmiş, teleradio proqramlarına müsahibələr verilmişdir.
 Müvəkkil fəaliyyəti dövründə müxtəlif nominasiyalar üzrə mükafatlarla və fəxri diplomlarla təltif edilmişdir.


2.4. Beynəlxalq əlaqələr

Müvəkkilin 2016-cı ildə əməkdaşlıq etdiyi qurum və təşkilatlar arasında Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ixtisaslaşmış qurumları, Avropa Şurası (AŞ), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Milli İnsan Hüquqları İnstitutlarının (MİHİ) Avropa Şəbəkəsi, Avropa Uşaq Ombudsmanları Şəbəkəsi, Beynəlxalq və Avropa Ombudsmanlar institutları, Asiya Ombudsmanlar Assosiasiyası və digərləri xüsusi yer tutmuşdur. 
Müvəkkil İnsan Hüquqları Şurasının 2016-cı il 13-14 sentyabr  tarixlərində keçirilmiş 33-cü sessiyasında iştirak etmiş, Azərbaycanın işğal edilmiş torpaqları, qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı məsələ qaldırmış, insan hüquqlarının kobud şəkildə pozulduğu bu ərazilərdə işğala son qoyulması və sülhün bərqarar olması məqsədilə beynəlxalq ictimaiyyətə çağırışlar etmiş, insan hüquqları sahəsində təhsil və inkişaf hüququ ilə bağlı iki yazılı bəyanatı qeydiyyatdan keçirilmiş və iclasın gedişində iştirakçı ölkələr arasında paylanılmışdır.
Aparatın rəhbəri 2016-cı il 2-5 may tarixlərində Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”nın həyata keçirilməsinə dair ölkəmizin yeddinci, səkkizinci və doqquzuncu birgə dövri məruzəsinə baxılması prosesində iştirak və çıxış edərək Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olaraq milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini qeyd etmiş, Azərbaycan Ombudsmanının ayrı-seçkiliyin aradan qaldırılması sahəsində fəaliyyəti ilə bağlı  geniş məlumat vermiş, komitə üzvlərinin çoxsaylı suallarını cavablandırmışdır. Aparat rəhbərinin çıxışı 89-cu sessiya ilə bağlı rəsmi internet səhifəsində yerləşdirilmişdir.
2016-cı ilin oktyabr ayında o, Cenevrə şəhərində keçirilmiş BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin 118-ci sessiyasında Milli İnsan Hüquqları İnstitutlarının tədbirində çıxış edərək Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuş hüquqların təmini və müdafiəsi sahəsində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda Ombudsmanın BMT-nin İnsan Hüquqları Komitəsinə təqdim etdiyi və BMT-nin rəsmi internet səhifəsində yerləşdirilmiş paralel hesabatı barədə geniş məlumat vermişdir.
Bakıda Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə azadlığı və media azadlığı” layihəsinin 2017-ci il üzrə iş planının müzakirəsi məqsədilə keçirilən Rəhbər Komitənin iclasında aparatın rəhbəri iştirak etmiş, Ombudsmanın bu layihədə iştirak imkanları barədə məlumat vermişdir.
Müvəkkilin əməkdaşları 2016-cı ilin dekabr ayında Avropa İttifaqı və Avropa Şurasının birgə dəstəyi ilə Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş və “Ayrı-seçkiliklə mübarizə demokratik dövlətlərin prioritetidir” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak etmişlər.
Aparatın rəhbəri Varşava şəhərində keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan Ölçüsü üzrə İllik Görüşündə iştirak edərək, 2-ci və 3-cü işçi iclaslarda müvafiq mövzularla bağlı məruzələri tədbirin rəsmi sənədləri sırasına daxil edilmiş və ATƏT-in rəsmi saytında yayımlanmışdır.
Müvəkkilin çoxşaxəli fəaliyyəti, Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq əlaqələri, ötən dövrlərdə də bu qurumun Tvinninq, Şərq Tərəfdaşlığı və TAIEX layihələrində fəal iştirak etdiyi, bu layihələrin xüsusiyyətləri barədə ətraflı məlumat verilmişdir.
Hazırda Avropa İttifaqının “Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti” çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay davam edəcək “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı və 4 komponentdən ibarət Tvinninq layihəsi həyata keçirilməkdədir.
Birinci komponent Ombudsman institutunun İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizm kimi fəaliyyətinin gücləndirilməsinə,  ikinci komponent Ombudsman Aparatının institusional imkanlarının gücləndirilməsinə və idarəetmə informasiya sisteminin təkmilləşdirilməsinə, üçüncü komponent “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qunununun implementasiyası sahəsində Ombudsman İnstitutunun imkanlarının gücləndirilməsinə, dördüncü komponent isə Ombudsmanın mərkəzi aparatı və regional mərkəzinin əməkdaşları üçün səmərəli idarəetmə üzrə təlimlərin keçirilməsinə həsr olunmuşdur.
Oktyabr ayında layihənin birinci komponenti üzrə həyata keçirilən tədbirlər çərçivəsində aparatın bir qrup əməkdaşı Yunanıstanda təcrübə mübadiləsi keçirmişlər.
Xorvatiyanın Zaqreb şəhərində keçirilən, Avropa ölkələrinin Milli İnsan Hüquqları Təsisatları ilə yanaşı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT İnkişaf Proqramı, ATƏT, Beynəlxalq Ombudsmanlar İnstitutu və digər beynəlxalq qurumların da təmsil olunduğu Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi Baş Assambleyasının ikinci iclasında aparatın beynəlxalq əlaqələr sektorunun müdiri iştirak etmişdir.
Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Litva Respublikasının Vilnüs şəhərində Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi ENOC-un 20-ci illik konfransında və Baş Assambleyasında iştirak etmişdir.
ENOC-un Avropa Şurası və Fransa Ombudsman təsisatının birgə təşkilatçılığı ilə keçirilmiş və “Avropada uşaqların vəziyyəti: miqrant uşaqların müdafiəsi və gələcəyi” mövzusuna həsr edilmiş beynəlxalq konfransa Müvəkkilin Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış müşavirinin çıxışı dinlənilmişdir.
Müvəkkil Yaponiyanın Tokyo şəhərində keçirilmiş Beynəlxalq Ombudsmanlar İnstitutunun, Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Direktorlar Şurasının 18-ci iclasında, habelə “İnzibati narazılıqların həlli və Ombudsman”, o cümlədən “Dövlət idarəçiliyində şəffaflığın və məsuliyyətliliyin artırılması” mövzularına həsr olunmuş Beynəlxalq Forum və Asiya Ombudsmanları üçün Beynəlxalq treninq-seminarda məruzələr etmiş, Orta Asiya ölkələrinin bu şəbəkəyə cəlb edilməsinin, habelə qaçqın, məcburi köçkün və hazırda qlobal miqrant axının, hərbi münaqişələrin qarşısını almaq məqsədilə müvafiq institutların öz fəaliyyətlərində sülhü və əmin-amanlığı təşviq etməsinin və bu sahədə əməkdaşlığın vacibliyini bildirmişdir.
“10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü” münasibətilə BMT QAK-ın ölkə nümayəndəliyi ilə birgə Milli Məclisin deputatlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə “Hər bir kəsin insan hüquq və azadlıqlarının təmini: qanunvericilik və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilmişdir.
UNESCO üzrə Azərbaycan Milli Komissiyası ilə birgə “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda konfrans keçirilmişdir.
2016-cı ildə Müvəkkil xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlərini, beynəlxalq təşkilatların rəsmi şəxslərini, o cümlədən ölkəmizdəki nümayəndələrinin rəhbərlərini, habelə bir sıra xarici ekspertləri qəbul etmiş, onlara öz fəaliyyəti, habelə ölkədə insan hüquqlarının inkişafı istiqamətində həyata keçirilmiş islahatlarla bağlı geniş məlumat vermiş, insan hüquqlarının müdafiəsi üzrə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 

Nəticə və tövsiyələr

 

Ölkəmizdə sosial-iqtisadi həyatın bütün sahələrində irimiqyaslı, əhalinin bütün təbəqələrini, xüsusilə də aztəminatlı ailələri və qayğıya daha çox ehtiyacı olan insanları əhatə edən ardıcıl tədbirlər 2016-cı ildə də həyata keçirilmişdir.
İqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün mövcud vəziyyətin dərin təhlili və yeni inkişaf strategiyasının hazırlanması məqsədi ilə ölkə Prezidenti tərəfindən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi ilə respublikamız yeni inkişaf dövrünə qədəm qoymuşdur.
Perspektiv inkişaf hədəfləri və istiqamətləri müəyyən etmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə müvafiq başlıca istiqamətlərə uyğun olaraq, neft və qaz sənayesinin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına, ağır sənaye və maşınqayırmanın, ixtisaslaşmış turizm sənayesinin, logistika və ticarətin, uyğun qiymətə mənzil təminatının, peşə təhsili və təliminin, maliyyə xidmətlərinin, telekommunikasiya və informasiya texnologiyalarının, habelə kommunal xidmətlərin inkişafına dair strateji yol xəritələri təsdiq edilmişdir.
“Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması da mövcud vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, həmin şuranın yaradılması həm ölkədə, həm də nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Baş katibi Antoniu Quterreş tərəfindən müsbət qiymətləndirilmişdir.
Dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad, idarəetmədə yeni təşəbbüslər, cəmiyyətin tərəqqisində müasir çağırışlar, qabaqcıl informasiya texnologiyalarının və innovasiyaların tətbiqi bundan sonra da ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, əhalinin isə sosial vəziyyətinin yüksəlməsinə xidmət edəcəkdir.
Ötən dövrdə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və icmalarla, habelə beynəlxalq təşkilatlarla və xaricdəki həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Müvəkkil insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, o cümlədən əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş bir sıra yenilik və təşəbbüslərlə çıxış etmiş, fəaliyyəti dövründə səlahiyyətli dövlət qurumlarına 600-ə yaxın təklif və tövsiyələr təqdim etmişdir ki, onların da bir çoxu artıq icra edilmişdir.
Belə ki, Müvəkkilin fəaliyyəti dövründə təklifləri nəzərə alınaraq, bir sıra beynəlxalq sənədlər ratifikasiya olunmuş, normativ-hüquqi aktlara  əlavə və dəyişikliklər edilmiş, habelə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə “Ailə, qadın və uşaq məsələləri komitəsi” yaradılmışdır.
Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə sahibkarlıq fəaliyyətinə lisenziya verilməsi sadələşdirilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmış və ucuz başa gələn sosial mənzillərin tikintisinə başlanılmışdır.
Ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilmiş, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq bir neçə regional hüquqi məsləhət xidmətləri mərkəzləri yaradılmış və həmin  mərkəzlərdə ödənişsiz hüquqi yardım göstərilir.
Respublikanın aidiyyəti dövlət qurumları ilə əməkdaşlıqda Müvəkkil tərəfindən “Biznes və insan hüquqları” üzrə işçi qrupu yaradılmış və fəaliyyətini davam etdirməkdədir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıqda vətəndaşların müraciət etmək hüququnun səmərəli təmini məqsədilə yaradılmış regional elektron müraciət terminalları şəbəkəsinin genişləndirilməsi və onlardan istifadəsinin təşviqi üzrə işlər aparılmışdır.
Məşğulluğun təmin edilməsi və işsizliyin səviyyəsinin aşağı salınması üzrə zəruri tədbirlər görülmüş, minlərlə yeni iş yerləri açılmış, qayğıya ehtiyacı olan qrupların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən müavinətlərin məbləği davamlı olaraq artırılmış, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron xidmətin tətbiqi süründürməçilik hallarının aradan qaldırılmasına imkan vermişdir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi məqsədilə Müvəkkilin illik məruzələrində irəli sürdüyü, habelə aidiyyəti dövlət qurumlarına göndərdiyi bir sıra təklif və tövsiyələr təəssüf ki, hələ də öz həllini gözləməkdədir.
Əhalinin, o cümlədən qayğıya daha çox ehtiyacı olan qruplarının hüquqların daha etibarlı təmin olunması məqsədilə Müvəkkil aşağıdakıları təklif edir:

- Dayanıqlı İnkişaf Məqsədlərindən Azərbaycan üçün seçilmiş prioritetlərə uyğun məqsədlər və onların hədəflərinin həyata keçirilməsi üzrə paytaxtda və regionlarda maarifləndirmə işlərinin aparılması, müntəzəm tədbirlərin həyata keçirilməsi və beynəlxalq təşkilatların bu işə cəlb edilməsi;

- “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq hazırlanmış “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dair Dövlət Proqramı”nın, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramı”nın, “Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inkluziv təhsilin inkişafına dair Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın, “Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilməsi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, həmçinin,  regionlarda da xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil proqramlarının tətbiq edilməsi;

- BMT-nin, onun saziş qurumlarının, Avropa Şurası və digər beynəlxalq təşkilatların Azərbaycan Hökumətinin hesabatları üzrə təqdim etdikləri tövsiyələr təhlil edilərək, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda tədbirlərin görülməsi;

- BMT-nin Universal Dövri İcmal (UDİ) üzrə 2018-ci ildə ölkəmizin hesabat verəcəyini nəzərə alaraq, əvvəlki tövsiyələri təhlil etməklə onlardan münasib olanlarının yerinə yetirilməsi üzrə tədbirlərin görülməsi və ictimai müzakirələrin, habelə Azərbaycanın UDİ mexanizmində iştirakı, qeyri-hökumət təşkilatlarının bununla bağlı hesabatlarının (məlumatlarının) təqdimetmə qaydaları barədə təlimlərin keçirilməsi;

- BMT-nin müxtəlif təsisatları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşmış qurumları, Qaçqınlar üzrə Ali Komissarlığı, UNİCEF, UNESCO və başqaları, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının hazırlanması və həyata keçirilməsi;

- insan hüquqları sahəsində icra edilmiş və icra müddəti bitmiş dövlət plan və proqramlarının davamlı olaraq təhlil edilməsi, müasir çağırışlara əsaslanan yeni konsepsiyaların və yol xəritələrinin hazırlanıb təsdiq edilməsi;

- insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunması məqsədilə Müvəkkilin Milli Məclislə əməkdaşlığı prosesində qanun layihələrinə verdiyi təkliflərin qəbul olunmasına dəstək verilməsi;

- söz və ifadə azadlığının daha səmərəli təmin edilməsi, jurnalistlərin peşə-hüquq mədəniyyətinin artırılması məqsədilə müvafiq dövlət orqanlarının, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Bakıda və regionlarda maarifləndirmə tədbirlərinin həyata keçirilməsi;
 
- “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi, bu məqsədlə paytaxtda və regionlarda maarifləndirmə işlərinin davam etdirilməsi;

- aztəminatlı vətəndaşların imkanları nəzərə alınmaqla, Bakıda və respublikanın digər şəhərlərində və rayon mərkəzlərində əhalinin sayına və ehtiyaclarına uyğun ödənişsiz xidmət göstərən hüquq məsləhətxanalarının yaradılması;

- əhalinin sayı və tələbatı nəzərə alınmaqla, respublikanın şəhər və rayonlarında yeni notariat kontorlarının və vəkillər tərəfindən hüquqi yardım göstərilən məsləhətxanaların təşkil edilməsi;

- BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktı üzrə 2018-ci ildə ölkəmizin hesabat verəcəyini nəzərə alaraq, əvvəlki tövsiyələri təhlil etməklə, onlardan münasib olanlarının yerinə yetirilməsi üzrə tədbirlərin görülməsi və ictimai müzakirələrin keçirilməsi, eyni zamanda 2008-ci il 10 dekabr tarixində BMT Baş Assambleyasının 63/117 saylı Qətnaməsi ilə qəbul olunmuş və ölkəmiz tərəfindən imzalanmış “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın Fakültativ Protokolunun ratifikasiyasının sürətləndirilməsi;

- MFPl və MFPr əsasında UNESCO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə Bakıda və regionlarda əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlilliyi olan şəxslər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, habelə narkomaniya və İİV/QİÇS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması işinin davam etdirilməsi və təlimlərin keçirilməsi;

- “Psixoloji yardım haqqında” qanunun qəbulunun sürətləndirilməsi və müvafiq ödənişsiz xidmət mərkəzlərinin yaradılması;

- ayrı-ayrı insanların mülkiyyətində və ya istifadəsində olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin müvafiq mənzillərə köçürülməsi işinin sürətləndirilməsi;

- vətəndaşların mülkiyyət hüququnun reallaşması, yığılan vergilər və dövlət rüsumları hesabına büdcəyə əlavə vəsaitlərin daxil olması, habelə vətəndaş-dövlət məmnunluğunun təmin edilməsi məqsədilə ilə “Sənədsiz evlərə və onların altında olan torpaq sahələrinə mülkiyyət hüququnun tanınması haqqında” qanunun qəbul edilməsi;

- yalnız gənc ailələr deyil, başqa yaş qruplarına aid olan şəxslərin də tədricən güzəştli ipoteka krediti imkanlarından yararlanması ilə bağlı mövcud qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi;

- mənzil probleminin həlli məqsədilə ölkə Prezidentinin göstərişinə əsasən tikilən sosial mənzillərin respublikasının bütün ərazisində inşası prosesinin sürətləndirilməsi;

- “Biznes və insan hüquqları” sahəsində qəbul olunmuş beynəlxalq sənədlərdə öz əksini tapmış hüquq normalarının, prinsip və standartların Azərbaycan Respublikasının qanunvericiliyinə inkorporasiyası və implementasiyası, habelə bu sahədə gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə məsləhətləşmələrin aparılması;

- müvafiq qanunvericilik aktlarına dəyişikliklər etməklə sahibkarların korporativ sosial məsuliyyətinin artırılması, habelə onların əlilliyi olan insanlara və onların təşkilatlarının işinə köməklik göstərməyə, sərhədyanı kəndlərdə abadlıq-quruculuq işlərinin aparılmasına, infrastrukturun təkmilləşdirilməsinə həvəsləndirilməsi, habelə sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi;

- kimsəsizlərin, atılmış ahılların, yaşayış yeri olmayan keçmiş məhkumların və narkomaniyadan (alkoqolizmdən) müalicəyə ehtiyacı olan xəstələrin, həyatda çətin vəziyyətə düşmüş və dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların, zorakılığa (məişət zorakılığına) məruz qalmış qadın və uşaqların, insan alveri qurbanlarının sosial müdafiəsi məqsədi ilə sosial-reabilitasiya, habelə cəmiyyətə uyğunlaşmaya yönəlmiş proqramların hazırlanması və tətbiqi, həmçinin ixtisaslaşmış sosial-psixoloji reabilitasiya xidməti göstərən regional sosial sığınacaq komplekslərinin yaradılması;

- BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə 2018-ci ildə ölkəmizin hesabat verəcəyi nəzərə alınaraq, əvvəlki tövsiyələr təhlil edilməklə onlardan münasib olanlarının yerinə yetirilməsi üzrə tədbirlərin görülməsi və ictimai müzakirələrin keçirilməsi, eyni zamanda BMT-nin Uşaq hüquqları konvensiyasının şikayətlərin verilməsi mexanizmi ilə bağlı III Fakültativ Protokolunun imzalanması və ratifikasiya edilməsi;

- regionlarda uşaq yaradıcılıq mərkəzlərinin nəzdində uşaq hüquqlarının tədrisi və təbliği mərkəzlərinin yaradılması;

- məişət zorakılığına qarşı mübarizə üzrə Dövlət Proqramının hazırlanması, habelə bundan zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət mərkəzlərinin fəaliyyətinə zəruri dəstəyin verilməsi;

- özünə qulluq etmək iqtidarında olmayan kimsəsiz və ya atılmış ahıllara qulluq edən fiziki şəxslərə sosial müavinətin müəyyən edilməsi və qulluq müddətinin əmək stajına daxil edilməsini, ahılların cəmiyyətin həyatında iştirakının artırılmasına yönəlmiş proqramların həyata keçirilməsi;

- “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, bu qəbildən olan uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, sosial infrastruktur obyektlərinin qurulması və əlilliyi olan şəxslərin istifadəsi üçün uyğunlaşdırılması;

- BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyası üzrə 2018-ci ildə ölkəmizin hesabat verəcəyini nəzərə alaraq, əvvəlki tövsiyələr təhlil edilməklə onlardan münasib olanlarının yerinə yetirilməsi üzrə tədbirlərin görülməsi və ictimai müzakirələrin keçirilməsi;

- sərhədyanı rayonların infrastrukturunun yaxşılaşdırılması, habelə tibbi və sosial xidmətlərin imkanlarının gücləndirilməsi;

- Həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin sığorta məbləğini almamış hərbi qulluqçulara həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsinin sürətləndirilməsi, habelə həqiqi hərbi xidmət illərində istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın verilməsinin başa çatdırılması, eyni zamanda hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin real qiymətlərə uyğunlaşdırılması, həmçinin orduda və başqa silahlı birləşmələrdə maarifləndirmə tədbirlərinin, seminar və görüşlərin davam etdirilməsi;

- BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsi ilə nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi funksiyalarının Müvəkkil tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, Müvəkkil aparatının strukturunun təkmilləşdirilməsi və bu məqsədlə Konstitusiya Qanununa zəruri əlavə və dəyişikliklərin edilməsi.

Ümid edirik ki, bu təkliflər büdcənin vəziyyətinə uyğun olaraq, gələn il və ya tədricən gələcəkdə nəzərə alınacaq və insanların layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edəcəkdir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının davamlı, sistemli və ardıcıl inkişafı, habelə demokratik dayaqlara əsaslanan əməli dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsi və möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının bərqərar olması, ictimai nəzarətin getdikcə dərinləşməsi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə və etibarlı müdafiəsinə əhəmiyyətli təkan vermişdir. Əldə edilmiş bu uğurun davamlılığı naminə dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasındakı əməkdaşlıq əlaqələri durmadan inkişaf etdirilməlidir.
Azərbaycan Respublikasının inkişafı və tərəqqisi, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi və etibarlı müdafiəsi naminə cəmiyyətin bütün qüvvələri, o cümlədən dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı fərdlər ölkəmizin qarşısında duran prioritet məsələlərin həlli məqsədilə qarşılıqlı inam və etibarlı münasibət şəraitində əməkdaşlığı davam etdirməlidirlər.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi