13.02.2018 Tarixinə olan hesabat

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin
həyata keçirilməsi ilə bağlı illik məruzə
(2017-ci il üzrə)

Ümummilli lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla həyata keçirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildə ölkəmizin sabit və təhlükəsiz inkişafı təmin edilmiş, ardıcıl və məqsədyönlü islahatlar aparılmaqla sosial-iqtisadi tərəqqiyə nail olunmuş, iqtisadiyyatımızın bütün istiqamətlərində, xüsusilə qeyri-neft sektorunda artım müşahidə edilmiş, ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, turizmin inkişafı, əhalinin məşğulluğunun yaxşılaşdırılması üzrə mühüm tədbirlər həyata keçirilmişdir.
Dünyada qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü şəraitdə Azərbaycan iqtisadi rəqabət qabiliyyətliliyinə görə Davos Dünya İqtisadi Forumunun hesabatında 140 ölkə arasında 35-ci yerə yüksəlmiş və MDB məkanında liderliyini qoruyur, həmçinin "Doing Business 2018" hesabatında qabaqcıl ölkələr sırasında qərarlaşır.
Ölkəmizin təşəbbüskarı olduğu irimiqyaslı neft və qaz layihələrinin uğurla həyata keçirilməsi, o cümlədən "Əsrin kontraktı"nın müddətinin uzadılması ilə bağlı respublikamızın gələcək inkişafını təmin edən yeni sazişin imzalanması, həmçinin Avropa ilə Asiyanı birləşdirən dünya əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi regionda sülhə və sabitliyə, iqtisadi inkişafa böyük töhfə olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu yol Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməklə onun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini daha da artıracaqdır.
Dünyada etibarlı tərəfdaş, güclü və müstəqil dövlət, multikultural və tolerant dəyərlərə sadiq ölkə kimi tanınan Azərbaycanda 2017-ci il "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilmiş dünyamiqyaslı mühüm ictimai-mədəni tədbirlər, mötəbər beynəlxalq forumlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə ölkəmizin uğurla ev sahibliyi etdiyi "IV İslam Həmrəyliyi Oyunları" sürətli inkişaf dövrünü yaşayan dövlətimizin qüdrətini bir daha dünyaya nümayiş etdirmişdir.
Hesabat dövründə "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyasına uyğun olaraq demokratik quruluşun əsaslarından biri olan yerli özünüidarəetmənin inkişafı, bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə mühüm tədbirlər görülmüş, bir sıra yeni normativ hüquqi aktlar qəbul edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" Qanun qəbul edilmiş, bələdiyyələrin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə qulluğu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Bələdiyyələrin statusu haqqında" qanunlara əhəmiyyətli dəyişikliklər edilmişdir.
Göstərilənlərlə yanaşı, hər il olduğu kimi 2017-ci ildə də yerli büdcənin maliyyələşməsində və büdcə kəsirinin aradan qaldırılmasında bələdiyyələrə kömək məqsədi ilə dövlət büdcəsindən dotasiyanın ayrılması önəmli olmuşdur.
Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi"nin Tədbirlər Planında bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması barədə tapşırığın icrası üçün Ədliyyə Nazirliyində aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılmış, 2017-ci il üçün tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Kənddə iş yerlərinin sayının çoxalmasına, kənd qadınları və gənclərinin kəndin sosial həyatında fəal iştirakına yönəlmiş bu fəaliyyət üzrə bələdiyyələrin təşəbbüslərinin dəstəklənməsi məqsədi ilə müvafiq işlər 2018-ci ildə də davam etdiriləcəkdir.
Yerli özünüidarə sahəsində həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsi olaraq yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələrin iştirakı güclənmiş, onların əhali ilə əlaqələri xeyli yaxşılaşmış, bir çox sosial layihələrin uğurla yerinə yetirilməsi bələdiyyələrə olan inamı artırmışdır.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması və səmərəliliyinin artırılması, onlara metodiki köməkliyin gücləndirilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi məsələləri Ədliyyə Nazirliyi üçün prioritet olmaqla daim diqqət mərkəzində saxlanılmış və Nazirliyin iş planlarına bu barədə xüsusi tapşırıqlar daxil edilmişdir. Həmçinin, bu sahədə mühüm rol oynayan nazirliyin regional ədliyyə qurumlarının statusu yüksəldilmiş, bələdiyyə fəaliyyəti ilə bağlı səlahiyyətləri genişləndirilmişdir. Eyni zamanda, nazirliyin Bələdiyyələrlə iş mərkəzinin iş şəraitinin yaxşılaşdırılması üçün mərkəz daha münasib binaya köçürülmüşdür.
2017-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 62.618 bələdiyyə aktı daxil olmuşdur. Onların hər biri diqqətlə öyrənilərək inzibati nəzarət qaydasında yoxlanılmış və 60.444 (97%) akt qanunvericiliyə uyğun hesab edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olmayan 1.978 aktın isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunmuşdur. Nazirliyin təklifləri əsasında onlardan 740-ı ləğv edilmiş, 714-ü dəyişdirilmiş, digərləri isə baxılmaqdadır.
Həmin təkliflərin demək olar ki, hamısının qəbul edilməsi bu istiqamətdə bələdiyyələrlə keçirilən çoxsaylı maarifçilik tədbirləri və metodiki işin müsbət nəticəsidir. Belə ki,  bələdiyyə aktlarının ləğvi və ya dəyişdirilməsi ilə bağlı nazirlik tərəfindən cəmi 3 halda məhkəmələrə müraciət olunmuşdur.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində isə 2.170 bələdiyyə aktı ekspertizadan keçirilmiş, onlardan 1 akt qanunsuz olduğu üçün ləğv edilmişdir.
Bələdiyyə torpaqlarının idarə edilməsi, o cümlədən torpaqdan istifadə ilə bağlı qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə dair bələdiyyələrlə aparılmış davamlı maarifçilik tədbirləri də öz bəhrəsini verməkdədir. Nəticədə 2016-cı illə müqayisədə torpaq qanunvericiliyinin pozulması halları əhəmiyyətli dərəcədə - 3 dəfədən çox azalmışdır.
 Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 1.883 ha torpaq sahəsinin icarəyə, 576 ha torpaq sahəsinin istifadəyə, 175 ha torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə qanunsuz verilməsi müəyyən edilmiş və həmin qərarlar verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə 2.636 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.
İnzibati Xətalar Məcəlləsində ekspertiza üçün mütləq təqdim olunan bələdiyyə aktlarının inzibati nəzarət orqanına vaxtında təqdim edilməməsinə görə cərimə məbləğinin artırılması və müvafiq maarifləndirmə işi 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən inzibati xətalara yol verilməsi hallarının azalmasına səbəb olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə 98 (2016-cı ildə 156) inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilmişdir. Həmin protokollar əsasında 78 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, 20 işə isə hazırda baxılır.
Protokollar, eləcə də müraciətlər əsasında araşdırma zamanı ölkə üzrə bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4.378 tövsiyə göndərilmişdir (yerli büdcənin müzakirəsi, bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi, protokolların düzgün tərtibi, bələdiyyə torpaqlarının idarə olunması, maliyyə sənədləri ilə bağlı, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verməsi, qanunvericiliyin izahı, yerli vergilərin yığılması və digər məsələlər barədə). Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların, qanun pozuntularının aradan qaldırılması və qarşısının alınmasının zəruriliyi göstərilmişdir.
Hesabat ilində Ədliyyə Nazirliyinə, o cümlədən Nazirliyin rəhbərliyinin səyyar qəbullarından və qaynar xətlərdən bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətlərin sayında 2016-cı illə müqayisədə ciddi artım müşahidə edilməmişdir. 2017-ci ildə 2.252 müraciət daxil olmuşdur ki, onlardan 1.888-nə baxılaraq əsaslandırılmış cavablar verilmiş, 41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılmışdır. Daxil olmuş 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini taparaq təmin edilmişdir.
Bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu işi təkmilləşdirilmiş, bölgə sakinlərinin müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılması məqsədi ilə virtual qəbul təcrübəsi genişləndirilmiş, nəticədə bələdiyyələrin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət etmə imkanları xeyli asanlaşmışdır.
Eyni zamanda daxil olan vətəndaş müraciətlərinə diqqət daha da artırılmış, müraciətlərdə göstərilən və şikayət üçün səbəb olan hallar ətraflı araşdırılmışdır. Müraciətlərə əsasən başlanılan inzibati nəzarət icraatları ilə 24 bələdiyyənin fəaliyyətində müxtəlif cinayətlərin, o cümlədən mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. qanunsuz əməllərin əlamətləri aşkar olunmuşdur. Bununla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına göndərilmiş və müvafiq tədbirlər görülmüşdür. Onlardan bəziləri qeyd olunur:
- İsmayıllı rayonu Basqal bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin bazar qiyməti nəzərə alınmadan dəyərindən ucuz satılmaqla bələdiyyə büdcəsinə ziyan vurulması və başqa qanun pozuntularına görə Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanılmışdır;
- Tərtər rayonu Əskipara bələdiyyəsinin mülkiyyətində olan 92,6 ha torpaq sahəsinin qanunsuz icarəyə verilməsi və icarə haqqının bələdiyyə büdcəsinə mədaxil edilməməsi faktına görə Cinayət Məcəlləsinin 178.2.3 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır;
- Şəmkir rayonu Yeni Həyat bələdiyyəsinin sabiq bələdiyyə sədrləri tərəfindən  təmir abadlıq işlərinin görülməsi məqsədilə bələdiyyə büdcəsindən 30 min manat pul vəsaitinin qanunsuz silinməsi və 3,0 ha torpaq sahəsinin dəyərindən ucuz qiymətə satılması ilə bələdiyyə büdcəsinə 120,0 min manat ziyan vurulması faktlarına görə Cinayət Məcəlləsinin 308.1-ci və 179.3.2-ci maddələri ilə cinayət işi başlanılmışdır.
- Ağstafa rayonu Köçəsgər bələdiyyəsinin sədri tərəfindən 3,28 ha torpaq sahəsinin bələdiyyə iclasının qərarı olmadan təkbaşına satılması, maliyyə vəsaitinin büdcədən qanunsuz silinməsi faktlarına görə Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır;
- Masallı rayonu Qarğalıq bələdiyyəsinin mülkiyyətində olan 61,42 ha sututarın hərrac və ya müsabiqə qaydalarına əməl etmədən, bələdiyyə iclasının qərarı olmadan vəzifə saxtakarlığı edərək icarəyə verilməsinə görə bələdiyyə sədri Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir;
- Bərdə rayonu Qaradağlı bələdiyyəsinin sabiq sədri vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz torpaq satışına görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir;
- Göstərilənlərlə yanaşı, Göygöl rayonu Zurnabad, Şəki rayonu Turan, Zərdab rayonu Qoşaoba, Sarıqaya, Qusar rayonu Yasab və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində də göndərilmiş materiallar üzrə cinayət işləri başlanılmışdır.
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması yönündə tədbirlər davam etdirilir və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq gücləndirilir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı aşkar olunmuş xarakterik nöqsanlar, o cümlədən torpaq sahələrinin ayrılması ilə bağlı yol verilən qanun pozuntuları, bu halları doğuran səbəb və şərait, onların aradan qaldırılması üçün görülmüş tədbirlər üzrə ümumiləşdirmə və təhlillər aparılmışdır.
Bələdiyyə aktlarının təhlili göstərir ki, bir sıra bələdiyyələrdə bələdiyyə iclaslarının vaxtında çağırılması təmin edilmir, iclaslar düzgün protokollaşdırılmır, iclasların keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydalara əməl olunmur. Kollegiallıq prinsipinin pozulması, daimi komissiyaların işinin düzgün təşkil edilməməsi və bir sıra hallarda məsələlərin daimi komissiyalarda müzakirə olunmaması qanunsuz qərarların qəbul edilməsinə səbəb olur. Bəzi bələdiyyələrdə reqlamentin müəyyən edilməməsi də belə hüquq pozuntuları üçün şərait yaradır. Bir çox hallarda qəbul olunan qərarların məzmunu "İnzibati icraat haqqında" Qanunun tələblərinə cavab vermir, bələdiyyə aktları aydın və anlaşılan dildə yazılmır. Belə hallar həm də qanunvericiliyin düzgün qavranılmamasından irəli gəlir və çətinliklər yaradır. Bir sıra bələdiyyələrdə hüquq komissiyalarının olmaması, mövcud komissiyaların işinin düzgün qurulmaması və ya hüquqi xidmətlərdən istifadə edilməməsi də bələdiyyə aktlarında nöqsanlara və qanunsuzluqlara yol açır.
Belə ki, Bakı şəhərinin Bibiheybət bələdiyyəsində bələdiyyə iclaslarının keçirilməsinin davamlılığı təmin edilməmiş, iclaslar vaxtında protokollaşdırılmamış, habelə qanunla müəyyən olunmuş bələdiyyə aktları inzibati nəzarət orqanına təqdim olunmamışdır. Görülmüş tədbirlər nəticəsində bu nöqsanlar aradan qaldırılmışdır.
Torpaqların idarə olunması məsələləri ilə bağlı qəbul olunmuş bir çox bələdiyyə aktlarında "Torpaq Məcəlləsi"nin, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq bazarı haqqında" qanunların, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin, "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"nın və digər normativ hüquqi aktların  tələblərinin pozulmasına yol verilmişdir.
Bir sıra bələdiyyələrdə torpaqayırma sənədlərinin saxlanılmaması, mülki dövriyyədə olan bələdiyyə torpaqları ilə bağlı şəffaflığın təmin edilməməsi də qanun pozuntularına və sui-istifadə hallarına şərait yaradır.
Torpaqların zəbt olunması hallarının qarşısı alınmamış, zəbt olunmuş torpaqların boşaldılması üçün səmərəli tədbirlər görülməmiş, hətta bir sıra hallarda torpaqların münbit qatının dağıdılmasına yol verilmişdir. Bir çox bələdiyyələrin torpaq üzərində mülkiyyət hüququnun tanınmaması, habelə bələdiyyə ərazilərinin sərhədlərinin dəqiqləşdirilməməsi də bu cür hallara qarşı kəsərli tədbirlərin görülməsinə əngəl yaradır.
Bələdiyyələrin əsas və dayanıqlı gəlir mənbəyi olan yerli vergi və ödənişlərin yığılmasında irəliləyiş olsa da, bu sahədə problemlər hələ də qalmaqdadır. Sosial layihələrin həyata keçirilməsində bələdiyyələrin fəallığının artırılması bu problemin həllindən çox asılıdır. Təhlillər göstərir ki, daşınmaz əmlak vergisinin toplanması işinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumat bazasından bələdiyyələrin istifadə imkanının yaradılması bu işin daha operativ həllinə kömək edə bilər. Bununla yanaşı, vergi ödəyicilərinin ödənişdən yayınmalarının qarşısının alınmasını müəyyən edən hüquqi mexanizmlərin də yaradılması məqsədəuyğundur. Eləcə də, yerli sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin iştirakını gücləndirmək məqsədi ilə "Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq 2019-cu və sonrakı büdcə illərində dövlət büdcəsində bələdiyyələrə subvensiyaların ayrılmasının nəzərdə tutulması səmərəli olardı.
Bələdiyyə üzvləri və qulluqçularının və bir sıra hallarda isə vətəndaşların qanunvericiliyin tələblərini bilməməsi qanun pozuntularına yol açır, bəzən də əsassız şikayətlərin verilməsinə səbəb olur. Həmin şikayətlər daha çox vətəndaşlar tərəfindən zəbt edilmiş bələdiyyə torpaqlarının azad olunmasına dair bələdiyyələrin tələbinin yerinə yetirilməməsi, özbaşına tutulmuş torpaqların sənədləşdirilməməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, hesabat ilində daxil olmuş şikayətlərin təxminən yarısı - 869-u məhz torpaq mübahisələri ilə bağlı olmuşdur.
Bələdiyyələrin fəaliyyətində qanun pozuntularının qarşısının alınması, qanunçuluğun gücləndirilməsi məqsədi ilə ardıcıl olaraq profilaktik və maarifçilik tədbirləri həyata keçirilir. Bir qayda olaraq maarifçilik tədbirlərinin mövzuları bələdiyyələrin təklifləri nəzərə alınmaqla müəyyən edilmiş və bu zaman məsələlərin aktuallığına, qanunvericilikdə olan yeniliklərə xüsusi diqqət yetirilmişdir.
Belə ki, 2017-ci ildə bələdiyyələr üçün aktual olan aşağıdakı mövzular üzrə seminarlar keçirilmişdir:
- İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu;
- Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri;
- Bələdiyyə  üzvlərinin və bələdiyyə qulluqçularının etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir;
- Bələdiyyə aktlarının qəbulu və icrası;
- Nağdsız hesablaşma və onun rolu;
- Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri;
- "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər;
- Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi;
- Vergi işinin səmərəliliyinin artırılması;
- Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri;
- Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili.
İl ərzində 184 təlim, konfrans və seminarlar keçirilmiş, bu maarifçilik tədbirlərinə 8.185 bələdiyyə üzvü və qulluqçusu cəlb edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi də muxtar respublika bələdiyyələrinin maarifləndirilməsində yaxından iştirak edərək 15 seminar təşkil etmiş və həmin seminarlarda 750-dən çox bələdiyyə üzvü və qulluqçuları iştirak etmişlər.
Hesabat ilində, həmçinin bələdiyyə üzvləri və qulluqçuları üçün Ədliyyə Akademiyasında 19 tədris kursu (654 dinləyici), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə 2 kurs keçirilmişdir. Naxçıvan Muxtar Respublikası bələdiyyələrinin də cəlb edildiyi bu kurslarda insan hüquq və azadlıqlarının təminatı sistemində yerli özünüidarəetmənin rolu, bələdiyyə üzvləri və qulluqçularının etik davranış qaydaları, bələdiyyə torpaqlarının idarə olunması, vergi xidmətinin təşkili və digər aktual mövzular üzrə mühazirələr oxunmuşdur.
Beləliklə, 2017-ci ildə ədliyyə orqanları tərəfindən 220 maarifçilik tədbiri keçirilmiş və bu tədbirlərə 9.649 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.
Bununla yanaşı, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi və bələdiyyə nümayəndələrinin hüquqi biliklərinin artırılması məqsədi ilə aktual mövzular üzrə 14 metodik vəsait və tövsiyələr hazırlanmışdır:
- Sahibkarlıq fəaliyyəti ilə bağlı normativ hüquqi aktlar toplusu;
- "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabı;
- Bələdiyyə qulluğuna qəbulda şəffaflıq;
- Bələdiyyə qulluqçularının etik davranış qaydaları;
- Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri;
- Bələdiyyə aktlarında vərəsəlik hüququna əməl olunması;
- Yaşayış məntəqəsinin torpaqlarından istifadənin hüquqi əsasları;
- Torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması;
- "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji Yol Xəritəsi"ndə bələdiyyələrin iştirakı;
- Bələdiyyə qərarlarının məzmunu.
Göstərilənlərlə yanaşı, qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə, bələdiyyələrin məlumatlandırılması məqsədi ilə "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"nin 4 nömrəsi dərc olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrə uyğun olaraq bələdiyyə qulluqçuları və bələdiyyə üzvlərinin etik davranış qaydaları barədə əhalinin məlumatlandırılması məqsədi ilə aidiyyəti materiallar, o cümlədən bələdiyyələrə metodoloji yardım məqsədi ilə hazırlanmış "Bələdiyyə qulluğuna qəbulda şəffaflıq" mövzusunda vəsait internet saytlarda yerləşdirilmişdir. Həmçinin, "Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni"nin 2-ci nömrəsi bütünlüklə etik davranış məsələlərinə həsr olunmuşdur.
Maarifləndirmə tədbirlərində digər dövlət orqanlarının, yerli və xarici qeyri-hökumət təşkilatlarının imkanlarından da səmərəli istifadə olunur. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin birgə hazırladığı "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabı mövzunun aktuallığına görə dəyərli metodik vəsait olmaqla yanaşı, bu qəbildən olan ilk belə kitabdır. Vəsait Azərbaycan Turizm və Menecment Universitetinin təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş, Universitetin rəyi əsasında çap edilmişdir.
Bələdiyyələrin, habelə əhalinin yerli özünüidarə məsələləri ilə bağlı maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından istifadə olunaraq mətbuatda məqalələr yazılmış və televiziyada çıxışlar, verilişlər təşkil olunmuşdur. Bu tədbirlərdə Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin əməkdaşları və bələdiyyələrin milli assosiasiyalarının nümayəndələri də fəal iştirak etmişlər. Yerli özünüidarəyə həsr olunmuş televiziya verilişlərində bələdiyyələrin fəaliyyəti geniş işıqlandırılmış, onların qarşılaşdığı problemlər müzakirə olunmuş, əldə olunan uğurlar barədə geniş məlumat verilmişdir. Bütövlükdə, il ərzində kütləvi informasiya vasitələrində 157 çıxış təşkil edilmişdir.
Ədliyyə Nazirliyi beynəlxalq əməkdaşlığa önəm verərək bu sahədə işləri davam etdirmişdir. Budapeştdə Avropa Şurası (AŞ) və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"ndə tematik proqramın icrası üzrə iclasda, Vyana şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində "Yerli özünüidarəetmənin institusional əsaslarının möhkəmləndirilməsi" mövzusunda keçirilmiş tədbirdə Ədliyyə Nazirliyinin nümayəndələri iştirak etmişlər.
Yerli özünüidarəetmə orqanları ilə iş sahəsində bələdiyyələrin milli assosiasiyaları da fəal iştirak etmiş, onların rolu daha da genişlənmişdir. Bələdiyyələrin maarifləndirilməsində, onlara metodiki kömək göstərilməsində, vergi və ödənişlərin yığılması işinin təşkilində assosiasiyaların gördüyü işlər çox önəmlidir. Milli assosiasiyaların təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin dəstəyi ilə bələdiyyələrin maliyyə potensialının gücləndirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması işinin səmərəli təşkili məqsədi ilə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramının istifadəsi ilə bağlı zona seminarları keçirilmişdir.
Milli assosiasiyalar Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin iclaslarında, Milli Məclisin sessiyalarında yerli özünüidarəetmə ilə bağlı qanun layihələrinin müzakirəsində yaxından iştirak edirlər.
Hesabat dövründə milli assosiasiyaların 2016-cı ilin yekunlarına dair illik yığıncaqları keçirilmiş, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsinə uyğun olaraq, hər il olduğu kimi, milli assosiasiyaların təşəbbüsü ilə 30 oktyabr - 05 noyabr tarixlərində bələdiyyələrdə növbəti "Yerli demokratiya həftəsi" keçirilmişdir. Həmin tədbirlər öz mütəşəkkilliyi və məzmunu ilə seçilmiş, minlərlə insanın iştirakı təmin edilmiş, bələdiyyələrin işinə əhalinin marağını artırmış, "vətəndaş-bələdiyyə" "bələdiyyə-vətəndaş" əlaqələrinin möhkəmləndirilməsinə təkan vermişdir.
7 dekabr 2017-ci ildə Milli Məclisin Regional məsələlər komitəsinin, bələdiyyələrin milli assosiasiyalarının, Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü, Ədliyyə Nazirliyinin, bələdiyyələrin və digər aidiyyəti qurumların iştirakı ilə Qəbələ şəhərində "Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilmiş konfransda yerli özünüidarə məsələləri geniş  müzakirə edilmiş, müxtəlif təkliflər dinlənilmişdir. Konfransda milli assosiasiyaların beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilmişdir.
18 dekabr 2017-ci ildə Ədliyyə Nazirliyi və milli assosiasiyaların təşkilatçılığı ilə "Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr" mövzusunda konfrans keçirilmişdir. Konfransda bələdiyyələrin fəaliyyətində yol verilən qanun pozuntuları, nöqsanlar, bələdiyyələrin məsuliyyəti məsələləri müzakirə edilmiş, bu sahədə görülmüş işlər barədə məlumat verilmişdir. Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Bələdiyyələrlə iş sektorunun, Milli Məclisin Regional məsələlər komitəsinin rəhbərləri, deputatlar, milli assosiasiyaların sədrləri, Bakı və Abşeron bələdiyyələrinin nümayəndələri iştirak etmişlər.
Yerli özünüidarəetmə sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilərək bələdiyyə assosiasiyaları tərəfindən müxtəlif dövlətlərin, o cümlədən Latviya və Litva Respublikalarının bələdiyyələri və onların İttifaqları ilə səmərəli əməkdaşlıq davam olunmuş, qarşılıqlı səfərlər edilmişdir. Türkiyənin Çukuroba Bələdiyyələr Birliyi və İzmit bələdiyyəsi rəhbərliyinin ölkəmizə səfərləri olmuş, Çukuroba Bələdiyyələr Birliyi ilə 7 noyabr 2017-ci il tarixdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə əməkdaşlıq protokolu imzalanmışdır.
Milli assosiasiyaların və bələdiyyələrin nümayəndələri Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin bir sıra tədbirlərinə və başqa beynəlxalq tədbirlərə qatılaraq ölkəmizi təmsil etmişlər.
Təhlillər göstərir ki, bələdiyyələrin fəaliyyətində aşkar olunan bir çox nöqsanlar daha çox təkbaşına qərarların qəbul olunmasından, kollegiallıq prinsipinin pozulmasından irəli gəlir. "Bələdiyyələrin statusu haqqında" Qanunda bələdiyyələrdə daimi komissiyaların yaradılması nəzərdə tutulmuşdur. Lakin həmin norma imperativ xarakterli olmadığına görə, təcrübədə onların yaradılması formal xarakter daşıyır, bir çox hallarda bu komissiyalar fəaliyyət göstərmirlər. Bununla əlaqədar bələdiyyələrin işində qanunçuluğun və kollegial idarəçiliyin gücləndirilməsi, habelə şəffaflığın artırılması məqsədilə həmin komissiyaların daimi fəaliyyət göstərməsi üçün "Bələdiyyələrin statusu haqqında" Qanuna və "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnaməyə aidiyyəti dəyişikliklərin edilməsi məsələsinə baxılması məqsədəmüvafiq olardı.
Yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi