Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin BƏYANATI

Bu il fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlıların soyqırımının 15 ili tamam olur. Bu hüznlü günlərdə Azərbaycan xalqı davakar erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad edir.

Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq  rəmzinə çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidiçe, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədi ilə Ermənistan Respublikasının apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasına görə ən dəhşətlisidir. Bundan əvvəl azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdi.

Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadıqları ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Ermənistan hərbi birləşmələrinin növbəti hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. Ermənistan Respublikasındakı ata-baba torpaqlarından zorla qovulub didərgin salınmış azərbaycanlıların bir hissəsi və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı.

Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Davakar erməni millətçiləri kütləvi informasiya vasitələrində, mitinqlərdə azərbaycanlıların kütləvi məhvini təşkil etməyə çağırışlar edirdilər.

1991-ci ilin noyabr ayından şəhər blokadaya alınmışdı; Xocalının xarici aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsi ilə həyata keçirilirdi. 1992-ci il yanvarın 28-də “Azərbaycan Hava Yolları” Dövlət Şirkətinə məxsus Mİ-8 markalı mülki vertolyot Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulmuş, vertolyotun sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər.

Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı.  Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi. Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 487 nəfər şikəst edildi. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qaldılar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Beləliklə, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarmışdır.

Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi  ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir. 

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan (hazırda – işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun “müdafiə naziri”), Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik etmişlər. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində fəal iştirak etmiş alayın hərbi qulluqçularının, habelə digər şəxslərin bir qisminin adları bu gün Azərbaycan tərəfinə məlumdur. Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. 

Xocalı sakinlərinə qarşı soyqırımı aktı Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etmişdir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Bununla birlikdə, bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı qüvvələri Xocalı faciəsindən sonra tezliklə özünə gələ bilməyən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını qısa müddətdə başa çatdırmış və ətraf rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır.

Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutmuş erməni hərbçilərini və onların havadarlarını təmizə çıxarmaq üçün aparılan təbliğat kampaniyası bu gün də ara vermir. İddia olunur ki, guya Xocalıya hücum şəhərdəki “atəş nöqtələri”ni məhv etmək məqsədi ilə həyata keçirilmiş, bu zaman dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməmişdir. Üzdəniraq təbliğatçıların dediklərindən az qala belə çıxır ki, guya Xocalıda azərbaycanlılar bir-birini, sonra da özlərini işgəncə ilə qətlə yetirmişlər. Bəzən onların həyasızlığı elə həddə çatır ki, Xocalı şəhərində lentə alınmış və ya təsvirləri götürülmüş qanlı qırğın səhnələrini beynəlxalq ictimaiyyətə azərbaycanlıların ermənilərə qarşı cinayət əməlləri kimi təqdim edirlər. 

Yalançı erməni təbliğatının miqyası ildən-ilə daha da genişləndirilir. Erməni millətçiləri qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün hər vasitədən istifadə edərək, guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmaların beynəlxalq səviyyədə qəbul olunmasına cəhdlər göstərirlər. Həm də bu cəhdlər bir sıra hallarda müəlliflərinə çirkli siyasi “dividendlər” gətirir. Xocalı faciəsi kimi real soyqırımı aktına göz yuman ayrı-ayrı dövlətlərin parlamentlərinin təsir altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirməsi, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etməsi yalnız təəssüf hissi doğurur.

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı unudulmamalı, dünya birliyi tərəfindən beynəlxalq hüquqi qiymətini almalıdır. Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara çatdırılmalıdırlar.

Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Avropa Birliyinə, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə, digər beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımını tanısınlar və pisləsinlər, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görsünlər, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə, xüsusən onların arasında təməl rolunu oynayan dövlətlərin ərazi bütövlüyü prinsipinə əsasən sülh yolu ilə həllinə kömək göstərsinlər. 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsini tələb edərək, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sənədləri, Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi əsasında Dağlıq Qarabağ problemini həll etməyə çağırır.

Azərbaycan parlamenti erməni tərəfini sülh prosesində konstruktiv mövqe tutmağa, silahlı qüvvələrini işğal olunmuş torpaqlardan geri çəkməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa çağırır.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan xalqının suveren iradəsini ifadə edərək bir daha bildirir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır.

 

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin
2007-ci il 27 fevral tarixli iclasında qəbul edilmişdir.)

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi