AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ KONQRESİNƏ MÜRACİƏTİ

Hörmətli həmkarlar,
Bu günlərdə ABŞ Konqresi tərəfindən 2010-cu maliyyə ili üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə 8 milyon dollar maliyyə vəsaiti ayrılmasına dair qərar qəbul edilməsi barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgəsindəki qanunsuz rejimin simasında separatizmin dəstəklənməsi kimi qiymətləndirilə biləcək bu qərar Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və məntiqinə ziddir.
Bildiyiniz kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində qonşu Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək niyyəti ilə başladığı işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salınmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına gətirib çıxarmış işğalın nəticələrini təsbit etmək üçün zəbt olunmuş ərazidə dünyanın heç bir dövləti tərəfindən tanınmayan oyuncaq rejim qurulmuşdur. Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayon müxtəlif beynəlxalq terror təşkilatlarının fəaliyyət zonasına çevrilmişdir.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədi ilə 1994-cü ildə Minsk qrupunun həmsədrləri simasında münaqişənin nizama salınması mexanizmi təsbit edilmiş, Amerika Birləşmiş Ştatları,  Fransa Respublikası  və Rusiya Federasiyası Minsk qrupunun həmsədrləri təyin edilmişdir. Bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası müvafiq qətnamələr qəbul edərək, işğalçılıq və etnik təmizləmə siyasətini pisləmiş, zəbt olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz geri qaytarılmasını tələb etmişlər.
Təəssüf ki, mötəbər beynəlxalq təşkilatların Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinin və qərarlarının həyata keçirilməsi indiyədək təmin edilməmiş, Minsk qrupunun fəaliyyəti ona bəslənən ümidləri doğrultmamışdır. Vəziyyətin bu cür qalmasının nə qədər təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur.
Ermənistan dövlətinin sülh danışıqları prosesində tutduğu qeyri-konstruktiv mövqe, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etməsi, öz ərazisində xarici hərbi bazalar yerləşdirməsi, ordusunu ən müasir dağıdıcı hücum silahları ilə təmin etməsi, atəşkəs rejimini tez-tez pozması müharibə tonqalının yenidən alovlanması təhlükəsini daha da artırır.
Azərbaycan cəmiyyətində belə bir fikir kök salmışdır ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan ən böyük amil dünyanın nüfuzlu dövlətlərinin münaqişəyə ikili standartlarla yanaşması, təcavüzkarın öz adı ilə çağırılmaması və cəzasız qalması, işğalçı ilə işğalın qurbanının bərabər tutulmasıdır.
Məhz bütün bunlara görə, hörmətli həmkarlar, ABŞ Konqresinin separatçı rejimə maliyyə yardımı ayrılması qərarını biz həyəcan və təşviş hissi ilə qarşılayırıq. Mahiyyətcə o qədər də böyük olmayan bu maliyyə vəsaitinin ayrılmasını humanitar yardım kimi deyil, separatçılığa, torpaqların işğalına verilən mənəvi dəstək kimi qiymətləndiririk. Əgər bunun sırf humanitar yardım olmasında təkid edilirsə, bu halda qarşıya belə bir məsələ çıxır. Madam ki, Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa ayrılan maliyyə vəsaiti də Azərbaycana ayrılan yardımın tərkibinə daxil edilməli idi. Belə halda həmin vəsaitin sonrakı təyinatı göstərilə bilərdi. Bu cür yanaşma sülh danışıqları prosesinə də müsbət təsir göstərərdi.
Ayrılan maliyyə vəsaitinin hansı məqsədlərə yönəldilə biləcəyi başqa bir məsələdir. Amma bütün hallarda bu dəstək ona dəlalət edir ki, Ermənistan rəhbərliyi arxayınlaşaraq, münaqişənin həllini bir qədər də uzatmağa səy göstərəcək, danışıqlar prosesinə əngəllər törətməkdə davam edəcəkdir.
Bir məqam da təəccüb və təəssüf doğurur. Obama administrasiyası tərəfindən təqdim edilən 2010-cu ilin büdcə layihəsində Dağlıq Qarabağa yardım göstərilməsi nəzərdə tutulmamışdı. Belə bir vəsait ABŞ Senatının qəbul etdiyi layihədə də yox  idi. Həmin yardımla bağlı müddəalar ABŞ Nümayəndələr Palatasında fəaliyyət göstərən erməni lobbisinin səyləri nəticəsində qanun layihəsinin son variantına daxil edilmişdir. Bu isə onu sübut edir ki, müəyyən hallarda erməni lobbisi ABŞ-ın milli maraqlarına uyğun olmayan qərarları qəbul etdirmək iqtidarındadır. Doğrudur, bilirik ki, ABŞ Nümayəndələr Palatasında Azərbaycanın haqq işini dəstəkləyən konqresmenlər də vardır və biz  onlara minnətdarıq. 
Ümid edirik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ Prezidenti Barak Obama özünün veto hüququndan istifadə edərək, Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması səylərinə mane ola biləcək 2010-cu ilin dövlət büdcəsi haqqında qanunun Dağlıq Qarabağa birbaşa yardım göstərilməsinə dair müddəalarının qüvvəsini dayandıracaqdır. 
Bir daha qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar. Bu tərəfdaşlığın hər iki tərəfə nə qədər fayda gətirdiyini ötən illər göstərmişdir. Əməkdaşlıq etdiyimiz sahələr beynəlxalq terrorizmə qarşı mübarizədən başlamış Avropanın və dünyanın enerji təhlükəsizliyinə qədər bir çox sahələri əhatə edir. Amerika Birləşmiş Ştatları ilə bərabər hüquqlu münasibətlərin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin üstün istiqamətlərindən biridir. Həyəcan və narahatlığımızı ifadə edərək, əmin olmaq istəyirik ki, daim rastlaşdığımız ikili standartların tətbiqi ikitərəfli münasibətlərimizə xələl gətirməyəcəkdir.  

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin
2009-cu il 15 dekabr tarixli iclasında qəbul edilmişdir.)

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi