AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN AVROPA PARLAMENTİNƏ MÜRACİƏTİ

 (Avropa Parlamentinin 2011-ci il mayın 12-də qəbul etdiyi Azərbaycana dair qətnamə ilə əlaqədar) 

       Hörmətli həmkarlar,

     Ötən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası könüllü olaraq, müstəqil şəkildə Avropaya inteqrasiya yolunu tutmuşdur. Demokratiyaya, insan hüquqlarına riayət edilməsinə və qanunun aliliyinə əsaslanan cəmiyyət quruculuğu Azərbaycan xalqının şüurlu seçimidir və Azərbaycan öz gələcəyini birmənalı şəkildə Avropada görür. 2001-ci ildən ölkəmiz Avropa Şurasının üzvüdür, digər Avropa qurumları ilə səmərəli əməkdaşlıq edir.

       Azərbaycanla Avropa İttifaqı arasında 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ölkəmizin bu nüfuzlu qurumla münasibətlərinin hüquqi bazasını təşkil etmişdir. 2004-cü ildə Azərbaycan “Avropa qonşuluq siyasəti”nə daxil edildikdən sonra qarşılıqlı iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq daha dinamik xarakter almışdır.

       Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün səylərini artırır, bu məqsədlə mövcud layihələrdə fəal iştirak edir, gələcəkdə yarana biləcək layihələrdə isə iştirakını təmin etməyə çalışır. Qeyd etmək yerinə düşər ki, 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Energetika sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

       2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də əməkdaşlıq etməyə başlamışdır. Biz Avropa İttifaqı ilə əməkdaşlığın parlament ölçüsünə də xüsusi əhəmiyyət veririk. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsi çərçivəsində uğurlu iş birliyi qurulmuşdur. Hazırda Azərbaycan Milli Məclisi Litva parlamenti ilə birlikdə Tvinninq layihəsini həyata keçirməkdədir.

Azərbaycan Respublikası Avronest Parlament Assambleyasının təsisçilərindən biridir. “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin parlament məclisinin fəaliyyətə başlaması Avropa İttifaqı və Avropa Parlamenti ilə əməkdaşlığımızda yeni mərhələ açmışdır. Biz ümid edirik ki, Avronest Parlament Assambleyası böyük Avropa ailəsinin üzvləri arasında daha sıx birliyin yaranmasına, demokratiyanın inkişafına dəyərli töhfələr verəcəkdir.

       Bu gün Azərbaycan cəmiyyət və dövlət həyatının müxtəlif sahələrində qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən bir ölkədir. İqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması, hüquqi dövlət quruculuğu, ictimai-siyasi proseslərin demokratikləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilmişdir.

       Sovet-kommunist irsinin qalıqlarından birdəfəlik xilas olmaq üçün bütün tədbirlər görülür. İnsanların öz iradəsini, fikir və mövqeyini sərbəst ifadə etməsi, siyasi plüralizmin bərqərar olması üçün hər cür şərait yaradılmışdır.

       Azərbaycan Respublikası insan hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq sazişlərə qoşulmuşdur. Konstitusiyanın üçdə bir hissəsi insan hüquqlarına həsr olunmuşdur. Ölkəmizin Avropa standartlarına uyğun gələn qanunvericilik bazası formalaşdırılır.

       İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə sahəsində görülən tədbirlər Azərbaycanın milli maraqlarına əsaslanır. Eyni zamanda, bu tədbirlər ölkəmizin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə yönəlmişdir.

       Tamamilə məntiqlidir ki, Avropa İttifaqının nümayəndələri Azərbaycanda keçirilən parlament, prezident və bələdiyyə seçkilərində iştirak edir, öz məsləhətləri və tövsiyələri ilə bu istiqamətdə görülən işlərin təkmilləşməsinə kömək göstərirlər.

       Avropa İttifaqı və Avropa Parlamenti Azərbaycanın ağrılı problemi olan Ermənistanın təcavüzü məsələsinə də xüsusi diqqət yetirirlər. Məmnun olduğumuzu bildiririk ki, Avropa Parlamentindəki həmkarlarımız regionda vəziyyəti aydın şəkildə qiymətləndirərək, 2010-cu il mayın 20-də qəbul etdikləri “Cənubi Qafqaz üzrə Avropa İttifaqı strategiyasına ehtiyac” adlı qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan torpaqlarından geri çəkilməsini tələb etmişlər.

       Qaçqın və məcburi köçkünlərin ağır vəziyyətinə və acılarına şərik çıxan Avropa Parlamenti bu il aprelin 7-də qəbul etdiyi “Avropa qonşuluq siyasəti - Şərq ölçüsünün icmalı” adlı qətnamədə bu əhalinin bütün hüquqlarının, o cümlədən öz torpaqlarına qayıtmaq hüququnun qeyd-şərtsiz şəkildə təmin edilməsinin vacibliyini vurğulamışdır. Həmçinin bu qətnamənin qəbulu zamanı deputatların tam əksəriyyəti tanınmamış ərazilərdəki separatçı rejimlərlə təmaslar qurulmasını rədd etmişdir.

       Bütün bunlar Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərin möhkəm təməllər üzərində qurulduğunu, ikitərəfli əlaqələrin böyükperspektivlərə malik olduğunu nümayiş etdirir. Belə bir şəraitdə Azərbaycanda insan hüquqları ilə bağlı məsələnin təxirəsalınmaz bir məsələ kimi bu ayın 12-də Avropa Parlamentinin müzakirəsinə çıxarılması və bu barədə qətnamə qəbul edilməsi ölkəmiz üçün gözlənilməz olmuş, təəccüb, təəssüf və narahatlıq hissləri doğurmuşdur.

       Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinə müraciət edərək, aşağıdakıları nəzərə çatdırmağı zəruri hesab edir.

       Biz yaxşı anlayırıq ki, demokratiya təkcə institusional kateqoriya olmayıb ilk növbədə və əsas etibarilə həyat və düşüncə tərzidir. Şübhə etmirik ki, əldə etdiyimiz nailiyyətlərlə yanaşı, görüləsi işlər də hələ çoxdur. Qarşıya çıxan yeni problemlərin öhdəsindən gəlmək üçün yeni demokratik formaların işlənib hazırlanması tələb olunur. Amma ayrı-ayrı xırda faktları ictimai kontekstdən çıxarıb ümumiləşdirərək, qanunauyğunluq, sistematik baş verən hadisələr kimi, xüsusi məsələləri ümumi inkişaf meyli kimi təqdim etməyə cəhd göstərilməsi, fikrimizcə, Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa yönəlmişdir.

       Digər tərəfdən, regionumuzda, eləcə də başqa yerlərdə insan hüquqlarının Avropa Parlamentinin qətnaməsində təqdim edildiyindən də kobud şəkildə pozulduğu, insan ləyaqətinə etinasızlığın baş alıb getdiyi dövlətlər də vardır. Məhz Azərbaycanın həmin dövlətlər sırasından çıxarılıb xüsusi diqqət mərkəzinə çəkilməsi, hesab edirik ki, xeyirxah münasibətdən irəli gəlmir və qərəzli xarakter daşıyır.

       Azərbaycanda heç bir nüfuzu olmayan, siyasi iflasa uğramış siyasi partiyaların ictimaiyyət tərəfindən dəstəklənməyən qeyri-qanuni aksiyalarının qarşısının alınması demokratiyanın pozulması, insan hüquqlarının tapdalanması kimi qiymətləndirilməməlidir. Hamıya məlumdur ki, Avropanın qabaqcıl dövlətlərində də qanunsuz aksiyaların qarşısını almaq, ictimai asayişi qorumaq üçün qanunla nəzərdə tutulmuş üsullar tətbiq edilir.

     Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcəkdir. Bizim demokratik inkişaf yolunu seçməyimiz heç də konyunkturmülahizələrdən irəli gəlmir, xalqımızın plüralist demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Bu yolda nə qədər böyük çətinliklərin olduğu bizə gündəlik həyat və fəaliyyətimizdən yaxşı məlumdur. Amma bu çətinliklər bizi qorxutmur. Biz bilirik ki, Avropa demokratiyaları da müxtəlif problemləri dəf edə-edə bu səviyyəyə gəlib çıxmışlar.

        Məhz buna görə də biz Avropa Parlamentinin qətnaməsini demokratik dövlət kimi Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndiririk. Hesab edirik ki, hər bir demokratik dövlətin praktikasında ola biləcək kiçik məsələləri bu cür nüfüzlu beynəlxalq təşkilatın qətnaməsinə çıxarmaqla bəzi qüvvələr Azərbaycanda həyata keçirilən işlərə kölgə salmaq istəyirlər.

        Yuxarıda şərh edilənlərlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qətnaməsini qeyri-obyektiv və qərəzli hesab edir, Avropa Parlamentinə bu Müraciəti edərək, gələcəkdə ikitərəfli münasibətlərin daha konstruktiv çərçivədə qurulmasını arzulayır.

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il 17 may tarixli iclasında qəbul edilmişdir.)

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi