Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin BƏYANATI

Azərbaycan Respublikası Milli Məclisinin
İnsan hüquqları komitəsinin

BƏYANATI

25 ildən artıqdır ki, Azərbaycan Respublikası ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan Respublikası beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda davam edir. 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq təxribat törətməyə çalışan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun irəliləməsinin qarşısını alarkən baş verən döyüşdə həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi buna bariz nümunədir.
Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa Şurasının Baş katibi cənab Torbyorn Yaqland bu il yanvarın 9-da və 11-də bəyanat verərək, Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin nəşini dərhal qaytarmağa çağırmışlar. Onlar bu məsələdə   beynəlxalq hüquq normalarının əsas götürülməsinin zəruriliyini bildirərək, ATƏT-in Minsk qrupunun 2010-cu il Həştərxan Sammitində əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan tərəfinin haqlı tələbini tam dəstəklədiklərini qeyd etmişlər. Lakin edilmiş müraciətlərə baxmayaraq, Ermənistan Qarabağ döyüşlərində istifadə etdiyi praktikanı  - cəsədlərdən qisas almağı və onlarla alver etməyi yenidən işə salmaqla Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmaqda və əsassız iddialar irəli sürməkdə davam edir.
Hesab edirik ki, beynəlxalq hüquq normalarını, o cümlədən müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının və digər beynəlxalq aktların tələblərinə etinasızlıq göstərən Ermənistan Respublikasının qeyri-humanist hərəkətlərinə beynəlxalq birlik qəti və aydın münasibətini bildirməklə yanaşı problemin həllinə nail olmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsi müvafiq beynəlxalq təşkilatları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməyə, işğalçı Ermənistan dövlətinin rəhbərliyinə təzyiq və təsirlərini artırmağa çağırır.  

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi