2007-ci il 5 iyun tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
VI SESSİYASI İCLASININ


PROTOKOLU № 55


Milli Məclisin iclas salonu.

5 iyun 2007-ci il. Saat 12.


Milli Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir


İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

İclasa dəvət olunm uşlar:

M. Cəfərli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzinin direktoru.

T. Şəkərəliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri.

Bruno Dyunkas, layihənin baş meneceri.

Yuci Nişikava, “Mindeko” şirkətinin baş direktoru.

Bəxtiyar Məmmədov, tərcüməçi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Hökuməti ilə “Londeks Resorsiz S.A.”, “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko. Ltd” arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə.

2. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə idxal edilən təhlükə potensiallı məhsulların gigiyena baxımından qiymətləndirilməsində qarşılıqlı fəaliyyət qaydası haqqında” Sazişin təsdiq edilməsi barədə.

3. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında geodeziya, kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.

4. Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında.

5. Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin 24-cü və 25-ci maddələrində edilmiş dəyişikliklərin təsdiq edilməsi haqqında.

6. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında (Kreditlərin zəmanəti fondunun yaradılması)” Sazişin təsdiq edilməsi barədə.

7. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə.

8. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə.

9. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.

10. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.

11. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə.

12. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.

13. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.

14. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə.

15. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə.

16. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.

17. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə.

18. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.

İclasda qəbul edilmişdir:

1. Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Hökuməti ilə “Londeks Resorsiz S.A.”, “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko. Ltd” arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

2. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə idxal edilən təhlükə potensiallı məhsulların gigiyena baxımından qiymətləndirilməsində qarşılıqlı fəaliyyət qaydası haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

3. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında geodeziya, kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

4. “Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

5. “Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin 24-cü və 25-ci maddələrində edilmiş dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

6. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında (Kreditlərin zəmanəti fondunun yaradılması)” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

7. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

8. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

9. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

10. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

11. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

12. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

13. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

14. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

15. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

16. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

17. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

18. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O. ƏSƏDOV


MİLLİ MƏCLİSİN İCLASI

5 iyun 2007-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Növbədənkənar sessiyanın birinci iclasına başlayırıq. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.


Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 96
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.

Hörmətli millət vəkilləri, iclasın gündəliyi sizə paylanıb. Gündəliyin müzakirəsinə ehtiyac varmı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Təkid eləyən var. Müzakirəyə başlayırıq. Buyurun, İqbal Ağazadə.

İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə dəfə parlamentdə qaldırılan bir məsələyə yenə fikrimi bildirmək istəyirəm və xahiş edirəm ki, Milli Məclis buna öz münasibətini bildirsin. Biz mütəmadi olaraq Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının tapdalanması ilə bağlı burada məsələ qaldırmışıq və Azərbaycan ictimaiyyəti də bununla bağlı ciddi məlumatlar alır. Son iki gündə İranda, güney Azərbaycanda soydaşlarımızın hüquqlarının tapdalanması, həbs olunması, hətta iki nəfərin ölümü ilə bağlı ciddi informasiyalar daxil olub. Kütləvi informasiya vasitələrində bu barədə məlumat verilib.

Çox zaman biz bu fikri səsləndirəndə iddia edirlər ki, qonşu dövlət kimi İranın daxili işlərinə qarışmırıq. Amma mən hesab edirəm ki, nə demokratiya, nə də insan haqlarının müdafiəsi heç bir dövlətin iç problemi deyil və Azərbaycan dövləti də xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı üzərində mənəvi öhdəlik hiss edir. Hətta bundan ötrü Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bütün bunların fonunda Xarici İşlər Nazirliyi və İranda fəaliyyət göstərən səfirliyimiz bu məsələlərə aydınlıq gətirilməsi istiqamətində həm beynəlxalq təşkilatlarla, həm də İran dövləti ilə ciddi müzakirələrə başlamalıdır. İranın daxili işlərinə qarışmamaq adı altında azərbaycanlı soydaşlarımızın hüquqlarının tapdalanmasına qətiyyən yol verməməliyik.

Hadisələr bu şəkildə davam edərsə, gələcəkdə Azərbaycanın vəziyyəti çox ağır ola bilər. Oradan qovulanların heç də hamısı sabah Avropaya mühacirət etməyəcək, onların bir qismi də Azərbaycana üz tutacaq. Bunun da Azərbaycanı humanitar fəlakət qarşısında qoyacağı şəksizdir. Ona görə də xahiş edirəm, həm Milli Məclisin İnsan hüquqları daimi komissiyasında, həm də Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələlər müzakirə olunsun. Ən azı Milli Məclisdə bu məsələlərlə bağlı bəyanat verməli və yaxud da İranın Azərbaycandakı səfiri Milli Məclisə dəvət olunmalı, ondan izahat tələb edilməlidir. Nədən proseslərin hamısında yalnız azərbaycanlıların hüquqları tapdalanır, yalnız azərbaycanlılar əzilir? Bu, artıq İranın daxili məsələsi deyil, milli məsələdir və Azərbaycan türklərinin hüquqları tapdalanır. Mən çox istərdim ki, Milli Məclis səviyyəsində bu məsələyə münasibət bildirək. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.

N. Nəsibli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən də istərdim, İqbal bəyin dediyi məsələ ilə bağlı fikrimi bildirim. İqbal bəy bunu geniş şərh elədi, məncə, şərhə ehtiyac yoxdur. Bir neçə dəfə bu məsələ ilə bağlı, heç olmasa, komissiyada qapalı dinləmələrin keçirilməsi təklifini vermişdik və o təklifi yenidən təkrar eləmək istəmirəm.

İkinci demək istədiyim məsələ budur ki, deputat otağı məsələsi yenə də həll olunmur. Bununla bağlı bir neçə dəfə Xətai Rayon İcra Hakimiyyətinə və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə yazılı və şifahi müraciət etmişəm. Onlar and-aman edirlər ki, Xətai rayonunun 34-cü dairəsində satılmamış yer qalmayıb. Hamısını satıblar. Köməkçim də deyir ki, mən harada və necə işləyim, küçədə işləyəsi deyiləm ki? Xahiş edirəm, bu məsələyə də aydınlıq gətirəsiniz.

Deyəcəyim digər məsələ ilə bağlı ötən iclasda Fazil Qəzənfəroğlu da danışmışdı. Mən də çoxdandır istəyirdim ki, bu məsələni deyim. Sessiyanın sonudur. Sessiya dövründə bir neçə vacib məsələ müzakirə olunur, məsələn, hökumətin hesabatı, ombudsmanın məruzəsi, neft müqavilələri və sair. Siyahıda yazılmağıma baxmayaraq, mən bu məsələlərin müzakirəsində çıxış eləyə bilməmişəm. Mənə elə gəlir ki, burada Daxili Nizamnamənin 13-cü maddəsi pozulur. Hər bir millət vəkili çıxış üçün israr edirsə, ona söz verilməlidir. Amma iş günü saat 6-da bitir və həmin məsələ səsverməyə buraxılır. Nəticədə millət vəkili öz hüququndan istifadə edə bilmir. İş rejimi, əlbəttə, Milli Məclisin rəhbərliyinin səlahiyyətinə aid bir məsələdir, amma mən təklif edirəm ki, o, dəyişdirilsin. Vacib məsələlər olanda daha çox vaxt ayrılsın, ya da ona xüsusi bir iclas həsr olunsun. Hövsələsi çatmayan millət vəkilləri bu iclaslara gəlməsinlər. Bu barədə təklifim odur ki, istirahət otağında olduğu kimi, deputatların otağında da plenar iclası işıqlandıran televizor olsun, oturub orada baxsınlar. Səsvermə vaxtı gələ bilərlər. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Hörmətli Nəsib müəllim, birincisi, istirahət otağında televiziyaya baxılmır. İkincisi, səsvermə zamanı bəzi deputatları çağırırıq, gəlmirlər. İndi bunu otaqlarda qoysaq, gərək onları bir-bir otaqlardan yığaq ki, gəlib səs versinlər.

Sonra, Siz vaxtla əlaqədar danışdınız. Biz həmişə sizə müraciət edirik, əgər təkid eləyən olmursa, onda səsverməni keçiririk. Mən həmişə bunu soruşuram.

Deputatlara seçki dairələrində otaqların verilməsi ilə bağlı qaldırdığınız məsələyə gəldikdə isə nəzərinizə çatdırım ki, biz bunu tam şəkildə həll eləmək istəyirik. Biz istəyirik ki, hər bir rayonda, hər bir dairədə deputatın ofisi olsun. Buna nail olarıqsa, orada yalnız indiki deputatlar deyil, sonra seçilən deputatlar da fəaliyyət göstərə bilərlər. Hazırda bu istiqamətdə iş gedir, yəqin, belə də olacaq. Sabir Rüstəmxanlı, buyurun.

S. Rüstəmxanlı. Sabahınız xeyir olsun, hörmətli Sədr, hörmətli deputatlar! Mən də bir neçə məsələyə diqqəti cəlb etmək istəyirəm. İlk növbədə, İqbal bəyin qaldırdığı məsələni dəstəkləyirəm. Bu barədə bir neçə dəfə danışılıb. İranla qonşuluq münasibətləri nəzərə alınanda rəsmi dairələrin mövqeyini başa düşmək olur. Amma Azərbaycan Respublikasının bu məsələ ilə bağlı aydın bir siyasəti olmalıdır. İranda insan haqları ilə bağlı Azərbaycanın BMT-dəki rəsmi mövqeyini başa düşmək olmur. Biz dəfələrlə onu səsləndirdik, amma təəssüf ki, nə Xarici İşlər Nazirliyi, nə də Milli Məclisin rəhbərliyi bu məsələyə aydınlıq gətirdi. Nəyə görə Azərbaycan “İranda insan haqları pozulmur” − deyə BMT-də İranı müdafiə eləyir? Halbuki hər gün orada bizim tutulanlarımız var.

İkinci, burada dəfələrlə səslənən bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. Bu, təbii ki, Azərbaycanın indiki durumu ilə bağlı olan məsələdir. Azərbaycanda iqtisadiyyat inkişaf edir, bunu heç kim dana bilməz. Bölgələr inkişaf edir, heç kim dana bilməz. Büdcə artır, bu da göz qabağındadır. Amma bunun bəzən son dərəcə səmərəsiz, israfçılıqla xərclənməsi adamın ürəyini ağrıdır. Bakıda binalar, küçələr dəyişir, çox gözəl, amma Bakının yan-yörəsinin, yeraltı sularının, uzun illər Azərbaycana pul vermiş torpaqların son dərəcə ağır vəziyyəti adamı ağrıdır. Məncə, Abşeronun neftə görə simasını itirmiş torpaqlarının bərpası haqqında düşünmək vaxtıdır. Azərbaycanın aran torpaqları güzgüyə çevrilir, şoranlaşır. Binaları, yenə deyirəm, çürük daşları yeni daşlarla əvəz eləməkdənsə, çürük başları dəyişmək lazımdır. Onda onlar Azərbaycan torpaqları haqqında düşünər və güzgüyə çevrilən torpaqların bərpasına daha artıq diqqət yönəldərlər.

Nəhayət, deyəcəyim üçüncü məsələ, dilimizə qayğı ilə bağlıdır. “Azərbaycan dili haqqında” Qanun var. Təbii ki, dilimiz müstəqillik dövründə böyük sürətlə inkişaf edir. Amma təəssüf ki, Bakının simasına baxanda bunu demək olmaz. Ona görə mən sonuncu iclasların birində dediyim fikri yenidən səsləndirmək istəyirəm: müstəqil Azərbaycanın millət vəkilləri, nəyə görə biz çarizmin qalığı olan “ov” soyadından əl çəkə bilmirik? Tacikistanda Rəhmanov belə o soyaddan imtina elədi. Kimin xoşuna gəlmir, gəlməsin. Amma biz müstəqil dövlətik və bu müstəqilliyin atributu da, göstəricisi də təmiz soyad...

Sədrlik edən. Çox sağ olun. Mən Sizin bir sualınıza cavab verim. Deyirsiniz ki, Abşeronda yeraltı sular çox böyük fəsadlar törədir. Məhz ona görə ekologiya ilə bağlı böyük bir proqram qəbul olunub. Bu yaxınlarda qəzetlərdə də dərc olunacaq, oxuyacaqsınız. Ekologiya proqramında Abşeronun köhnə neft quyularından çıxan suların təmizlənməsi, yuyulması məsələsi həll olunur. Fazil Mustafayev.

F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məndən öncə çıxış eləyən millət vəkillərinin Cənubi Azərbaycanla bağlı narahatlıqlarını bölüşürəm və hesab edirəm ki, bu məsələdə kifayət qədər həssas davranmalıyıq.

İkinci, yaz sessiyasının tamamlanması ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. Artıq sessiya tamamlanıb, amma sessiyanın əvvəlində təqdim olunan qanunvericilik işləri planı ilə bağlı bir çox məsələlərin yerinə yetirilmədiyini görürük. Mən hesab edirəm ki, sessiyanın sonunda bu məsələ ilə bağlı məlumat verilməlidir. Məsələn, bu gün üçün vacib olan Təhsil qanununun müzakirəsi başlamadı, “Siyasi partiyalar haqqında” Qanuna baxılmadı.

Sonra, burada bir neçə məsələ qaldırıldı, büdcəyə də yenidən baxdıq. Millət vəkillərinin maaşlarının qaldırılması məsələsinin dəfələrlə burada səsləndirilməsinə baxmayaraq bunun əsaslandırılması ortaya qoyulmadı. Bu, ölkədə gedən abadlıq, təmir işləri ilə bağlıdırsa, onda bunu da əsaslandırmaq lazımdır ki, məsələn, hakimlər, hüquq mühafizə orqanlarının işçiləri millət vəkilindən daha çox maaş alırlar. Hətta Aparatın işçilərinin maaşı bəzi hallarda Milli Məclis Sədrinin maaşından artıqdır. Bu məsələlərə ən azı açıqlama vermək lazımdır ki, millət vəkilləri üçün də aydın olsun. İnflyasiyanın bu həddində hər halda buna baxılması zəruridir.

Digər bir vacib məsələ, Sabir bəyin dediyi kimi, dövlət investisiyaları ilə bağlıdır. Mənim üçün narahatlıq doğuran məqamlardan biri ölkədə həyata keçirilən özəlləşdirmə prosesinin əksinə olaraq Azərbaycan İnvestisiya Şirkətinin yaradılması ilə bağlıdır. Açıqlamada qeyd olundu ki, İnvestisiya Şirkəti ölkədə süd istehsalından tutmuş gəmi istehsalına qədər bir sıra investisiya layihələrində iştirak edəcəkdir. Mən başa düşə bilmirəm, doğrudanmı, neft gəlirlərinin qeyri-ixrac potensialı olan sahələrə dağıdılmasının ölkəyə bir faydası olacaqdır? Bu məsələyə Milli Məclis səviyyəsində baxmalıyıq. Axı, gələcəkdə südü hansı ölkəyə istehsal edəcəyik? Süd istehsalının hansı gələcək potensialı var? Digər məsələlərə də həssas yanaşmalıyıq. Milli Məclis səviyyəsində bunun hüquqi mexanizmləri barədə düşünməliyik və qanunvericilik səviyyəsində müəyyən addımların atılmasını həyata keçirməliyik. Əgər belədirsə, dövlət Azərbaycan Beynəlxalq Bankındakı, yaxud “Azersell Telekom” Birgə Müəssisəsindəki dövlət payının özəlləşməsinə ehtiyac hiss edəcək ki? Onda dövlət bundan da çəkilməlidir. Belə məsələlərdə, hesab edirəm ki, gələcəyimizlə bağlı ciddi narahatedici məqamlar var, bütün investisiyaları qeyri-neft ixrac sektoruna yönəltməyimiz daha məqsədəuyğundur. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Fazil bəy, əmək haqlarını aparılan təmir işləri ilə əlaqələndirdiniz. Görürəm, təmirdən çox xoşunuz gəlib, amma əmək haqqının təmirə heç bir dəxli yoxdur.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, əmək haqları ilə bağlı hesablamalar aparılır, iyunun 1-dən əmək haqlarınız qalxır. Heç narahat olmayın. Əli Əhmədov.

Ə. Əhmədov. Təşəkkür edirəm. Oqtay müəllim, artıq Milli Məclisin yaz sessiyası başa çatmaq üzrədir. Hesab edirəm ki, kifayət qədər səmərəli fəaliyyət göstərmişik. Eyni zamanda, vurğulamaq istəyirəm ki, Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə əldə edilən yüksək nailiyyətlər həm Azərbaycanın daxilində, həm də Azərbaycandan kənarda olan bir sıra dairələri narahat edir və Azərbaycana qarşı planların həyata keçirilməsində onları yeni vasitələr axtarmağa vadar edir. Çox təəssüflə qeyd eləmək istəyirəm ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat orqanları həmin vasitələrin bir qismi kimi çıxış edirlər. Təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, Azərbaycanın digər sahələrdə uğurlarını etiraf etməyə məcbur olan bəzi mərkəzlər kütləvi informasiya vasitələrinə, mətbuat orqanlarına qarşı təzyiqlərin olması bəhanəsi ilə Azərbaycana qarşı hazırladıqları hesabatlarda bir sıra məqamları göstərməyə cəhdlər edirlər.

Hamıya məlumdur ki, bir sıra mətbuat orqanları kütləvi şəkildə ayrı-ayrı vətəndaşlara, insanlara qarşı terror vasitələrinə çevriliblər. Bu kütləvi terror vasitələrinə qarşı qanuni əsaslarla görülən tədbirləri isə mətbuata qarşı təzyiqlər kimi qələmə verirlər və bu fonda Azərbaycanla bağlı ayrı-ayrı hesabatlarda mənfi rəylərin meydana gəlməsinə müəyyən dərəcədə bəhanə yaratmış olurlar. Ona görə hesab edirəm ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna yenidən baxmalıyıq, növbəti sessiyamızda müəyyən tədbirlər görməliyik. Bununla mən heç də “Kütləvi informasiya vasitələri haqqında” Qanunun sərtləşdirilməsi və jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması fikrini qeyd eləmək istəmirəm. Sadəcə, hesab edirəm ki, Azərbaycanın kütləvi informasiya vasitələri insan hüququnun birinciliyi əsasında fəaliyyət göstərməlidir və insanların kütləvi surətdə mənəvi terror vasitəsinə çevrilməsi üçün imkanlar aradan qaldırılmalıdır.

İkinci məqam bundan ibarətdir ki, bu zəmində Azərbaycana qarşı bundan təzyiq vasitələrindən biri kimi istifadə edilir. Bir sıra kütləvi informasiya vasitələrinin təmsilçilərinin, redaktorlarının xaricdə sığınacaq istəmələri ilə əlaqədar qaldırdıqları şou da, hesab edirəm ki, bu planın tərkib hissəsidir. Mənə belə gəlir ki, bu məsələyə biz növbəti sessiyada diqqət artıra bilərik. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.

Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hələ bizim fəaliyyətimiz davam edir və biz təcili şəkildə Ailə Məcəlləsinə dəyişikliklər edə bilərik. Bunlar çox çətin dəyişikliklər deyil, amma cəmiyyət üçün çox vacibdir. Bunlardan biri nikaha daxil olanlardan məcburi şəkildə tibbi arayışın tələb olunmasıdır.

Dünən mənim yanıma bir qadın gəlmişdi. Uşağı 14 yaşındadır, deyir ki, Qənirə xanım, artıq bunun həyatı bitib, təcili əməliyyat olunmalıdır. Əməliyyat xaricdə olunmalı, ona sümük iliyi köçürülməlidir. Bu əməliyyatın qiyməti 50 min dollardan yuxarıdır. Bir çox ölkələr artıq talassemiyalı xəstələrlə bağlı problemləri həll ediblər. Amma bizdə bunlar nəinki azalmır, əksinə, artır və cəmiyyətə ağırlıq yaradır. Bu, ailələrin özləri üçün də ağırlıq yaradır və biz bunu yalnız ailələrin öhdəsinə buraxa bilmərik. Hər bir cəmiyyətin savadlısı, savadsızı var, ağıllısı, cahili var. İndi biz onlara deyə bilmərik ki, zəhmət çəkib ailə quranda düşünəydilər, yoxlamadan keçəydilər. İndi əziyyətini çəksin, deyə bilmirik. Onlar millət vəkili üçün də, dövlət üçün də, cəmiyyət üçün də çox narahatlıq yaradırlar. Çünki bu, insanların faciəsinə gətirib çıxarır. Ona görə də mən xahiş edirəm, biz təcili şəkildə nikaha daxil olanlardan tibbi arayışın məcburi şəkildə tələb olunmasını Ailə Məcəlləsinə daxil edək. O zaman məsuliyyətin kimin daşıdığı da ortaya çıxacaq. Tibb müəssisələri də yalan arayış verərlərsə, gələcəkdə bunun məsuliyyətini dərk edəcəklər.

Digər bir məsələyə toxunmaq istəyirəm. Bunu Hadi müəllim çox yaxşı bilir, bu gün ailə quranların 10–15 faizi boşanır. Ən ağrılı məsələ budur ki, iqtisadi mülki əqdin bağlanması qanunda məcburi deyil. Amma bu problemlərin ağırlığını cəmiyyətdə hamımız dərk edirik. Məhkəmələrə baxın, nə qədər qadınlar bu gün məhkəmələrdə sürünür? Uşaqlar, ailələr çox çətin vəziyyətə düşürlər. Məncə, bunu da təcili şəkildə Ailə Məcəlləsinə əlavə etməliyik.

Sonra, biz bir çox məsələlərlə bağlı qanunlar, proqramlar, sənədlər qəbul edirik. Bunlardan biri də xərçəng xəstəliyi ilə bağlıdır. Düzdür, biz qanun qəbul elədik, amma bununla bağlı Onkologiya İnstitutuna və xəstəxanaya zəng edirəm, mənə deyirlər ki, bilirsiniz, o dərmanlar çox bahalıdır, ucuzlarını verə bilərik, digərlərini özləri alsınlar. Bu çox çətin məsələdir və mən çox xahiş edirəm, biz bir proqram qəbul edək. Xərçəng xəstəlikləri, xüsusi ilə də onun bəzi növləri artıb. Məsələn, qadınlarda ailələri dağıdan döş xərçənginin sayı artır. Biz, gərək, bu xərçəngin geniş yayılmış növlərinin genetikasını müəyyənləşdirən laboratoriyaları müasir səviyyədə quraq ki, onlar vaxtlı-vaxtında müayinədən keçsinlər və bu problem dərinləşməsin. Sonra da biz bunlara bahalı dərmanları necə verməyi düşünməliyik.

Sədrlik edən. Qənirə xanım, təkliflərinizi hazırlayın, komissiyada baxılsın. Bizim etirazımız yoxdur, düzgün təkliflərdir. Arzu Səmədov.

A. Səmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın Cənubi Azərbaycanda baş verən zorakılıqlara qarşı etirazına qoşuluram və hesab edirəm ki, son dövrdə orada törədilən işgəncələr geyim qaydalarının pozulması adı altında aparılsa da, əslində, güney Azərbaycanda gedən milli azadlıq uğrunda mübarizənin tərkib hissəsidir və bu, qəzetlərdə də çap olunur. İndiyə qədər İranda göz çıxarmaq, şallaq vurmaq, edam etmək haqqında çox oxumuşduq. Amma indi geyim qaydasını pozduğuna görə qadınları, üzr istəyirəm, lüt soyundurub kürəyində Quran ayələri yazırlar və guya bu qaydada onlara işgəncə verirlər. Bu çox böyük biabırçılıqdır və biz buna qarşı etiraz səsimizi ucaltmalıyıq. Dövlət rəsmiləri, heç olmasa, Xarici İşlər Nazirliyi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu məsələyə münasibət bildirməlidir.

Mən həm də başqa bir məsələ – Binəqədi rayonundakı qaz problemi ilə bağlı çıxış etmək istəyirəm. Binəqədi ərazisindən seçilən deputat həmkarlarımla da bu məsələ ilə bağlı fikir mübadiləsi aparmışıq. Qış, yay, yaz olsun, dəxli yoxdur, bu rayonda qaz problemi düzəlmir. Sönük, çox zəif qaz gəlir. İşığın qiyməti qaldırılandan sonra, deyəsən, “qazın da qulağına” nə isə çatıb. Son dövrlərdə qaz da səs-küylə yanmağa başlayıb. “Pır-pır” səs gəlir. Mütəxəssislərdən soruşanda bəlli olur ki, ora hava vururlar. Mənim seçicilərimdən biri də hörmətli Pənah Hüseyndir. Onun da şikayəti ondan ibarətdir ki, qaz gəlmir, amma hava vururlar və sayğac işləyir. O sayğacların standartı var. Standart qaydasında bəlli təzyiqdən aşağı olduqda işləməməlidir. Amma görünür ki, o sayğacların da qulağına nə isə deyiblər. “Ağıllı” sayğaclardır, işləməkdə davam edirlər.

Başqa bir problem də sovet dövründən tikilən eksperimental binalarla bağlıdır. Həmin binalara qaz çəkilməyib, ora yalnız işıq verilir. Belə binalardan üçü mənim seçildiyim dairənin ərazisindədir. 12 mərtəbəli binalardır. Süleyman Sani Axundov küçəsində yerləşən binaların sakinləri bununla bağlı çox şikayətlər ediblər, amma təəssüflər olsun ki, hələ onların şikayətinə qulaq asan yoxdur. İş burasındadır ki, işığın qiyməti qalxandan sonra həmin adamlar 100, 150, 200 manat pul ödəməli olurlar. Onlar istəyirlər ki, biz bu problemin həllində onlara yardımçı olaq. Ya həmin binaya qaz çəkilsin, ya da 2004-cü ilə qədər işıq pulunun ödənilməsində onlara dövlət səviyyəsində 50 faiz güzəşt olub, həmin qayda yenidən tətbiq olunsun. Xahiş edirəm, biz bu məsələdə onlara yardımçı olaq və həmin güzəşt onlara tətbiq olunsun. Əks təqdirdə, yəqin ki, qəbul olunan qanuna görə işıq pulunu ödəmədiklərinə görə onlara qarşı cinayət işi qaldırmalı olacaqlar. Sağ olun.

Sədrlik edən. Sağ olun. Arzu Səmədov bir az bədii dildə danışır. Deyir ki, “qazın qulağına pıçıldayanda” qaz “pır-pır” edir. Qazla havanı qarışdırmırlar. Bu, düzgün söhbət deyil. Hərdən o qaza başqa maddə vururlar ki, boru xətləri təmizlənsin. Fuad Muradov.

F. Muradov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən sessiyanın uğurlu nəticələri ilə bağlı hamınızı təbrik edirəm. Hesab edirəm ki, dövlət və millət naminə uğurlu işlər görülüb.

Çox vaxt burada aparılan təmir və quruculuq işləri ilə bağlı fikirlər səslənir. Mən hesab edirəm ki, parlamentdə çox yüksək səviyyədə işlər görülüb. Başqa ölkələrdən gələn nümayəndə heyətləri dəfələrlə vurğulayıblar ki, belə bir inkişaf, belə bir yenilik, şərait heç bir parlamentdə yoxdur. Mənə elə gəlir, həm cənab Prezident İlham Əliyevə, həm də parlamentin rəhbərliyinə təşəkkürümüzü bildirməliyik ki, bizə belə bir şərait yaradılıb. İndi ölkədə, dövlətdə vəsait var və bundan səmərəli istifadə olunur. İnsanların gözü həm gözəl işlər görür, həm də rahatlıq olur. Mənə elə gəlir ki, biz hamımız bunu alqışlamalıyıq.

Mən də Əli Əhmədovun kütləvi informasiya vasitələri ilə bağlı dediklərinə qoşuluram. Son vaxtlar bəzi kütləvi informasiya vasitələri azğınlaşıb. Nə kiçik bilirlər, nə də böyük. Amma özlərinin hər hansı bir məsələsini böyük bir faciə kimi cəmiyyətə çatdırmaq istəyirlər. Cəmiyyət artıq onlara cavabını verib. Bu ondan ibarətdir ki, cəmiyyət belə kütləvi informasiya vasitələrinin nümayəndələrini görmək istəmir. Burada kiminsə nə sifarişi olub, nə də istəyi. Bu, millətin, camaatın fikridir. Mən gənclərin arasında oluram, bunu hiss edirəm. Ölkədə bu qədər müsbət işlər görülür, quruculuq işləri gedir, amma bunu görmürlər. Mənə elə gəlir ki, buna biganə qalmamalıyıq və “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik etmək lazımdır.

Sonra, siz bilirsiniz ki, Azərbaycanda yüksək səviyyədə yollar çəkilir və təbii ki, infrastruktur da bununla bağlı müasirləşir. Ona görə də yol müfəttişləri dəfələrlə məndən xahiş ediblər ki, biz bu məsələyə baxaq. Yəni yol cərimələrinin məbləğini qaldırmaq lazımdır. Çünki köhnə cərimələr qalıb. Biz dəfələrlə rastlaşmışıq ki, qanunu pozur, ödəyir və çıxıb gedir. Ona görə də mən hesab edirəm ki, bu cərimələrin məbləğini qaldırmaq lazımdır. İnsanlar cəriməni ödəyəndə hiss etməlidirlər ki, qanunu pozublar və ödədikləri simvolik məbləğ deyil.

İndi səsləndirəcəyim növbəti məsələyə, hesab edirəm ki, növbəti sessiyada baxıla bilər. Bu da kommunal xidmətlə, xüsusən də məişət təsərrüfatı tullantıları ilə bağlıdır. Səbail rayonunun sakinləri bu barədə mənə dəfələrlə müraciət ediblər. Bununla bağlı bəzi problemlər yaranıb. Xüsusən də qarşıdan yay ayları gəlir. Müvafiq dövlət qurumlarına müraciət etmişik, amma hələ də bu işdə irəliləyiş yoxdur.

Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.

P. Hüseyn. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən tamamilə başqa bir məsələyə toxunmaq istəyirdim, amma hörmətli Əli müəllimin və Fuad Muradovun dedikləri məni məcbur etdi ki, bu barədə mövqeyimizi bildirək. Həbsdə olan jurnalistlərin və baş redaktorların sayına görə Azərbaycan dünyada birinci yerdədir. Jurnalistlərə qarşı törədilən üstü açılmamış cinayətlərin sayına görə də dünyada birinci yerdəyik. 12 jurnalistə qarşı hücumla bağlı müvafiq hüquq mühafizə orqanları təhqiqata başlasalar da, heç birinin üstü açılmayıb. Sizi − hörmətli mətbuatın əleyhinə olanları təbrik edirəm. “Azadlıq” və “Yeni müsavat” qəzetlərinin baş redaktorları Qənimət Zahid və Rauf Arifoğlu haqqında ittiham qaydasında Yasamal rayon məhkəməsində iş başlayıbdır. İndi belə çıxır ki, biz onların da həbsinin şahidi olacağıq.

Son həftədə 3 ən populyar qəzet bağlanıbdır. “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan” və “Bakı Xəbər” qəzetləri öz yayımlarını və istehsalını dayandırıblar. Onlarca jurnalist işsiz qalıbdır. Yəni bütün bunlardan sonra tələb etmək ki, guya Azərbaycanda azadlıq var və “Kütləvi informasiya vasitələri haqqında” Qanuna yenidən baxmaq lazımdır, mən hesab edirəm ki, daha bundan o tərəfə... Hörmətli Əli müəllimin rəhbərliyində olduğu Yeni Azərbaycan Partiyasının siyasətinin nəticəsidir ki, Azərbaycanın adı bu gün müxtəlif hesabatlarda hallanır. İndi bizim dostlarımız, düşmənlərimiz bunlardan istifadə edirlər, bunlar məlumdur. Onlara bəhanə, dəlil, sübut verən də, Azərbaycanı biabırçı hesabatlara salan da mətbuata, jurnalistlərə qarşı olan həmin bu siyasətdir. Hələ üstəlik bunun başqa qaydalarla dəyişdirilməsini istəyirik.

Hörmətli Oqtay müəllim, Milli Məclisin maddi məsələlərindən başqa, mənəvi tərəfi olan məsələlər da var. Sizin maaşınız, yəni Milli Məclis Sədrinin maaşı Prezidentin İcra Aparatının şöbə müdirinin maaşından aşağıdır. Deməli, mətbuatda doğru yazılır ki, Azərbaycan Respublikasının Milli Məclisi Prezidentin İcra Aparatının şöbəsidir. Amma deyəsən, heç şöbəsi də deyil, çünki onların maaşı Sizdən daha artıqdır. Belə çıxır ki, sektordur, bölmədir.

Mən sonda bir daha diqqəti kənd təsərrüfatında yaranan vəziyyətə yönəltmək istəyirəm. Kənd təsərrüfatının, xüsusi ilə də pambıqçılığın gübrələrlə və suvarma ilə təchizatında fövqəladə vəziyyət yaranıbdır. Mən əlaqədar orqanları bu məsələyə diqqət yetirməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Hörmətli Pənah bəy, deyirsiniz ki, Milli Məclis Prezidentin İcra Aparatının sektorudur. Bu sənin çox böyük səhvindir. Bunu sənin dediyin jurnalistlər yazırlar. Sənin o jurnalistlərin yazırlar ki, Oqtay Əsədov soyuducular zavodunu alıb, Belarus Prezidentinin çirkli pullarını yumaq üçün onunla əlaqə qurub. Bunu yazan sizin dediyiniz jurnalistlərdir. Normal jurnalist belə şeylər yazmaz, düzgün yazar.

İkinci, mənim əmək haqqım heç kimdən aşağı deyil. Digər tərəfdən də, mən bayaq burada dedim ki, deputatların əmək haqqı iyun ayının 1-dən artırılacaq. Xahiş edirəm, populist çıxışları kənara qoyaq. Mənim hamınıza hörmətim var, amma bilin ki, Milli Məclis heç haranın filialı deyil. Cənab Prezident burada çıxış edən zaman sizin hamınıza dedi ki, Milli Məclis dövlət hakimiyyətinin bir qoludur, inkişaf edir və edəcəkdir. Siz belə sayırsınızsa, bu Sizin öz fikrinizdir. Bahar xanım, buyurun.

B. Muradova. Oqtay müəllim, təşəkkür edirəm ki, çıxış üçün şərait yaratdınız. Mən də Sizin dediklərinizi bir az qüvvətləndirməli, daha doğrusu, təkrarlamalı olacağam. Doğrudan da, özünü millət vəkili kimi hiss etməyən, onun səlahiyyətlərini, onun yaratdığı üstünlüyü, eyni zamanda, onun qarşısına qoyduğu vəzifələri bilməyən adam təmsil olunduğu qurumu sektor kimi qəbul edə bilər. Bu onun öz fikridir. Milli Məclis Azərbaycanda hakimiyyətin bir qanadıdır. Müstəqildir və müstəqil də fəaliyyət göstərir. Siz bunu görsəniz də, görməsəniz də, Azərbaycanın ictimai-siyasi mühitində Milli Məclisin rolu getdikcə artır və bunu həm ölkə daxilində, həm də ölkə xaricində görürlər, qəbul edirlər. Gərəkdir ki, sizlər də bunu qəbul edəsiniz. Etmirsinizsə, bu sizin öz işinizdir.

Yeni Azərbaycan Partiyasının Siz dediyiniz hallara şərait yaratması məsələsinə gəldikdə isə nəzərinizə çatdırım ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasında fəaliyyəti və əldə etdiyi nəticələr göz qabağındadır. Bu nəticələrdən siz də bəhrələnmirsiniz? Biz paxıl deyilik. Bu mühiti Azərbaycan üçün yaradırıq və hər bir Azərbaycan vətəndaşının bundan bəhrələnməsi üçün imkanlar da yaradırıq. Bu sıralarda sizlər də varsınız və bu imkanlardan bəhrələnirsiniz.

“Jurnalistlərin daha çox həbs olunması və bu cinayətlərin daha az açılmasında Azərbaycanın öndə getməsi” fikrinizə mən tamamilə başqa yöndən qiymət verərdim. Hazırda bizim qanunvericiliyimizdə şərəf və ləyaqətin alçaldılmasına, dövlət sirlərini və hərbi sirləri yaymağa görə məsuliyyət müəyyən edən maddələr var. Nə vaxt o maddələr bizim qanunvericiliyimizdən çıxacaqsa, onda bu hərəkətlərə görə məsuliyyət də aradan qaldırılacaqdır. Qanunvericilikdə bu maddələr var və qanun qüvvəsini saxlayır. Buna görə də hər kəs qanuna uyğun olaraq fəaliyyətini qurmağı bacarmalıdır. Əgər bizdə qanunu pozan jurnalistlər digər cinayətkarlardan üstünlük təşkil edirlərsə və bunlar cinayət əməli kimi tövsif edilirsə, təbii ki, onda bu bizim günahımız deyil. Bu həmin zümrənin nümayəndələrinin günahıdır. Bu məsələdə qanunu yerinə yetirən dövlət və hüquq mühafizə orqanları və Milli Məclis günahkar deyil. Qanun pozulursa, qanun yox, qanunu pozanlar günahkardırlar. Hər kəs qanuna uyğun yaşamağı öyrənməlidir. Birdəfəlik bunu öyrənməlisiniz.

Baş nazir olanda özünü heç bir kəndin briqadiri kimi hiss etməyən adam bu gün Milli Məclisə bu cür qiyməti verə bilər. Azərbaycanda mətbuat üçün yaradılan şəraiti görməyən və bunu təzyiq aləti kimi qəbul edənlər bu cür danışa bilərlər. Amma unutmayın ki, Azərbaycanın ən ucqar kəndində belə orta məktəb şagirdinin bu gün dünya informasiya sisteminə qoşulmaq imkanı var. Hər bir kənddə, hər bir məktəbdə internet klubları yaradılıb. Hər kəs sərbəst şəkildə bundan istifadə edə bilər. Burada mətbuatın boğulmasından necə danışmaq olar? Necə informasiyanın məhdudlaşdırılmasından danışmaq olar? Sadəcə, Azərbaycanda mətbuatın imkanlarından sui-istifadə edənlər var. Bu “bolluğu” aradan qaldırmaq lazımdır. Mən demirəm ki, onların hamısını həbs edək, amma bəzilərinin dedikləri kimi, onları cəzalandıraq. Qanunun müəyyən etdiyi qaydada onlar məsuliyyət daşımalıdırlar. Bu məsuliyyətdən heç kəs yayınmasın və kimsə də onları yayındırmaq üçün lobbiçiliklə məşğul olmasın, Azərbaycanın qazandığı uğurların üzərinə qara xətt çəkməsin. Bu, alınmayacaq, mümkün də deyil.

Milli Məclis Azərbaycanda çox ciddi bir qurumdur. Burada qaldırılan hər bir məsələ də çox ciddi şəkildə qoyulmalıdır. İroniyadan, lağ etməkdən, ələ salmaqdan uzaqlaşmaq lazımdır. Nəhayət, ciddiləşmək lazımdır. Bura ciddi siyasət meydanıdır və ciddi fiqurların yeridir. Mən çox arzulayardım ki, gələcəkdə Milli Məclisdə ironiyadan, ələ salmaqdan uzaq çox ciddi insanlar təmsil olunsunlar. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Artıq 37 dəqiqədir ki, müzakirə gedir. Fəzail müəllim, mən gələn dəfə Sizə söz verərəm. Gəlin, gündəliyə keçək. Mən əvvəldən gündəliyi səsə qoymadım. Dedim ki, növbədənkənar sessiyadır, görüm, bu müzakirədə gündəlikdən danışan olacaqmı? Gördüm ki, gündəlikdən danışan olmadı. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Hökuməti ilə “Londeks Resorsiz S.A.”, “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko., Ltd.” arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədədir. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərova söz verilir. Buyurun.

V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.

Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Oqtay müəllimin dediyi kimi, sizin diqqətinizə təsdiq olunmaq üçün Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Hökuməti ilə podratçı tərəflər qismində təqdim olunmuş London “Londeks Resorsiz S.A., “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko., Ltd.” arasında bağlanmış Saziş təqdim edilibdir.

Nəzərinizə təqdim olunmuş saziş bir tərəfdən Azərbaycan Respublikasının Hökuməti adından çıxış edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdən Böyük Britaniya Krallığı, Panama Respublikası və Yaponiya qanunları əsasında yaradılmış və müvafiq qeydiyyat sənədləri ilə təsdiq edilmiş hüquqi şəxslər olan “Londeks Resorsiz S.A., “Uill ənd Meyris S.A.”, “Farqeyt Mayninq Korporeyşn”, “Qlobeks İnternəşnl LLP” və “Mitsui Mineral Development Enceniring Ko., Ltd.” şirkətləri arasında tərtib edilmişdir. Saziş 2006-cı il dekabrın 3-də Bakı şəhərində imzalanmışdır.

Sazişin şərtlərinin müəyyən edilməsində Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 oktyabr tarixli 1757 nömrəli sərəncamı ilə qəbul edilmiş prinsiplər və müddəalar əsas götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1877 nömrəli sərəncamı ilə saziş layihəsi bəyənilmiş və Azərbaycan Hökuməti adından onu imzalamaq və şirkətlərlə münasibətlərdə Azərbaycan Hökumətini təmsil etmək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılmışdır.

Saziş 27 maddədən və 7 əlavədən ibarətdir. Bunların hamısını bir-bir xırdalamağa, yəqin ki, ehtiyac yoxdur. Ancaq mən əsas məqamlara toxunmaq istərdim. Sazişin 2-ci maddəsində podratçı tərəflərə layihəni yerinə yetirmək və gerçəkləşdirmək üçün sazişin şərtlərinə uyğun olaraq və onun qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və kontrakt sahəsi ilə bağlı mədən-filiz əməliyyatları aparmaq hüquqları verilir. Kontrakt sahəsində kommersiya hasilatı başa çatdıqdan sonra mədən-filiz əməliyyatları nəticəsində əldə edilən hasilatın həcmi bu sazişin qüvvədə olduğu müddət, o cümlədən bütün uzadılmış müddətlər sona çatdıqda podratçının əsaslı və əməliyyat məsrəflərinin tam ödənilməsi üçün kifayət etmirsə, bu sazişin şərtlərinə uyğun olaraq podratçıya əvəzi ödənilməmiş məsrəflərin ödənilməsi nəzərdə tutulmur və ona belə hüquq verilmir. Bu risklər podratçının boynunda qalır.

Azərbaycan Respublikasının daxilində layihənin mərhələli şəkildə yerinə yetirilməsi məqsədi ilə dövlət hakimiyyəti orqanları tərəfindən podratçının müraciətinə əsasən ona Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə torpaqdan istifadə hüquqları verilir. Kontrakt sahələri bu sazişin qüvvədə olacağı müddət ərzində bu sazişin məqsədləri üçün ikinci əlavədə verilmiş təsvirə və koordinatlara uyğun olan və orada yerləşən mineral ehtiyatların təbii sərvətləri çərçivəsindəki sahələri əhatə edir. Qaradağ sahəsində mis-porfir filiz yatağı ola biləcəyi ehtimal olunur. Ola bilsin, Çovdar sahəsində az sulfidli qızıl yatağı aşkar ediləcəkdir. Hər halda belə ümid var. Göydağ sahəsində səpinti qızıl var, polimetal təzahürlü olduğu gözlənilir. Dağkəsəmən sahəsində səpinti qızıl təzahürlü və damarvarı qızıl yatağının olduğu ehtimal olunur. Köhnəmədən sahəsinin polimetal, Kürəkçay hövzəsinin səpinti və damarvarı qızıl təzahürlü olduğu gözlənilir. Ancaq bunların yataq olub-olmadığı böyük həcmli və uzunmüddətli kəşfiyyat, tədqiqat və sair işlər nəticəsində müəyyən oluna biləcəkdir.

Əmtəəlik məhsul kontrakt sahəsində çıxarılan və yaxud emal olunan mineral ehtiyatlarından əldə edilmiş qızıl, gümüş, mis və eləcə də digər əlvan və nadir metallar və mineral ehtiyatların çıxarılması, yaxud emalı nəticəsində alınan hər hansı digər məhsul deməkdir. Karbohidrogen və ya filiz ehtiyatları ilə heç bir əlaqəsi olmayan başqa ehtiyatlar bu anlayışa daxil deyil, yəni onlar əmtəəlik məhsul ola bilməz. Çünki bunlar dağ-mədən fəaliyyətinin nəticəsi olan mineral ehtiyatların çıxarılması və ya emal edilməsi nəticəsində heç cür istehsal oluna bilməz, ona görə də bu sazişlə əhatə edilmir.

Sazişin 1-ci maddəsində podratçı tərəflərin bu saziş üzrə sərmayə öhdəlikləri aşağıda göstərilmiş müvafiq faizlərdə təsbit edilir: “Londeks Resorsiz S.A.” 45 faiz, “Uill ənd Meyris S.A.” 29 faiz, “Farqeyt Mayninq Korporeyşn” 15 faiz, “Qlobeks İnternəşnl LLP” 11 faiz. Podratçı tərəflərin yuxarıda qeyd edilən faizlərə münasibətdə hüquq və öhdəlikləri onların bu saziş üzrə müvafiq iştirak paylarını təşkil edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu layihənin maliyyələşdirilməsində dövlət tərəfindən heç bir sərmayənin qoyulması nəzərdə tutulmur. Lakin Azərbaycan Respublikası mənfəətin bölüşdürülməsində sazişin şərtlərinə əsasən iştirak edir. Podratçı tərəflər mədən-filiz əməliyyatlarını beynəlxalq aləmdə hamılıqla qəbul edilmiş prinsiplərə uyğun olaraq işgüzarlıqla, təhlükəsiz və ekoloji təmiz texnologiyaları tətbiq etməklə səmərəli şəkildə aparmağı öhdəsinə götürürlər. Bu öhdəliklər pozularsa, podratçıya qarşı müvafiq tədbirlər və cəzalar tətbiq edilə bilər.

Yaponiyanın “Mitsui Mineral Development Enceniring Ko.” şirkəti baş nəzarətçi qismində çıxış edir. Bu şirkət beynəlxalq səviyyədə tanınmışdır və beynəlxalq mədən-filiz sənayesi sahəsində ən aparıcı texnologiyalara malikdir. Onun sazişdə iştirakı mədən-filiz əməliyyatlarının beynəlxalq standartlara müvafiq həyata keçirilməsini təmin edəcəkdir. Şirkət mədən sənayesində və əlvan metal filizlərindən nadir metalların ayrılmasında qabaqcıl texnologiyalara malikdir, ətraf mühitin mühafizəsi sahəsində dünyada ən qabaqcıl yerlərdən birini tutur. Baş nəzarətçi podratçı tərəflərin saziş üzrə strateji və gündəlik fəaliyyətinə nəzarət edəcəkdir. Bu şirkət saziş üzrə tender komissiyalarında iştirak edəcək, saziş üzrə texniki-iqtisadi əsaslandırmaların yoxlanılmasını, dürüstlüyünü həyata keçirəcək və lazım olarsa, beynəlxalq maliyyə institutları ilə münasibətlərin daha əlverişli şərtlərlə qurulmasına yardım edəcəkdir.

Sazişin 5-ci maddəsinə əsasən podratçı kontrakt sahəsində mineral ehtiyatların öyrənilməsi, tədqiqi, kəşfiyyatına və qiymətləndirilməsinə dair müfəssəl proqramları hazırlayaraq hökumətə təqdim etməlidir. Bu proses qüvvəyəminmə tarixindən sonra gələn 4 ay ərzində sazişin 2-ci Əlavəsində göstərilən 6 sahədən ən azı üçündə hər birində azı 1 mədən-filiz yatağı olmaqla; ilk kəşfiyyat işləri proqramı təqdim edilmiş təqvim ilindən sonra gələn 3 ardıcıl maliyyə ili ərzində hər birində azı 1 mədən-filiz yatağı olmaqla, hər bir maliyyə ilinin 30 aprel tarixindən gec olmayaraq yerinə yetirilməlidir. Podratçının müəyyən edilmiş sahənin hər hansı birinə dair kəşfiyyat işləri proqramını hökumətə qeyd etdiyim təqvim üzrə təqdim etməməsi köklü pozuntu sayılır və bu halda həmin sahəyə münasibətdə sazişə xitam vermək hökumətin hüququdur.

Podratçı hökumətə kəşf və onun kommersiya dəyəri haqqında bildirişi kəşfiyyat dövrünün sonunadək təqdim edir. Podratçı ehtiyatların qüvvədə olan qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi və faydalı qazıntı ehtiyatlarının dövlət balansında qeydə alınması tarixindən ən geci 4 ay keçənədək ayrılıqda hər mədən-filiz yatağı üçün ehtiyatlara və əmtəəlik məhsula dair işlənmə və hasilat proqramını hökumətə təqdim edir. İşlənmə və hasilat proqramı beynəlxalq mədən-filiz sənayesi standartlarına uyğun surətdə ayrılıqda hər mədən-filiz yatağı üçün mineral ehtiyatların səmərəli şəkildə və sürətlə işlənib çıxarılmasına və əmtəəlik məhsul istehsalına dair uzunmüddətli plandır. Əgər tərəflər arasında işlənmə və hasilat proqramına aid razılaşma tarixindən sonra 5 il ərzində podratçı bu sazişin aid olduğu hər hansı mədən-filiz yatağında mineral ehtiyatlarının işlənməsinə və hasilatına başlamamışdırsa, digər yazılı razılaşmalar olmadıqda hökumət podratçıya 60 gün qabaqcadan yazılı bildiriş verməklə podratçının mədən-filiz yataqlarına münasibətdə hüquqlarına xitam verə bilər.

Hər bir mədən-filiz yatağı üçün kəşfiyyat dövrü mineral ehtiyatlarının kəşfiyyatına və qiymətləndirilməsinə dair podratçının təqdim etdiyi kəşfiyyat işləri proqramının hökumət tərəfindən təsdiq edilməsi haqqında yazılı bildirişin alındığı gündən başlanır və onun müddətinin hər bir mədən-filiz yatağı üzrə 48 ay olması nəzərdə tutulur. Kəşfiyyat dövrü ərzində podratçı yataqlarda dağ-mədən infrastrukturu və filizlərin işlənməsi qurğularının layihələşdirilməsini və tikilməsini qarşıya məqsəd qoymaqla, ehtiyatların həcmini təkrar hesablamaq üçün kəşfiyyat işləri, qiymətləndirmə aparır və texniki-iqtisadi əsaslandırmanı həyata keçirir.

Ehtiyatlara və əmtəəlik məhsula dair işlənmə və hasilat dövrü ayrılıqda hər mədən-filiz yatağı üçün ehtiyatların təsdiq edilməsi və faydalı qazıntı ehtiyatlarının dövlət balansında qeydə alınması tarixindən başlanır və qüvvəyəminmə tarixindən etibarən 30 il ərzində davam edir. İşlənmə və hasilat dövrü ərzində podratçı dağ-mədən sahəsini, zənginləşdirmə və istehsal qurğularını, tullantı anbarlarını və digər dağ-mədən qurğularını layihələşdirir, inşa edir və avadanlıqla təchiz edir. Podratçı yataqlarda istismar işlərini yerinə yetirir və tərkibində qızıl olan xəlitə, mis və digər əlvan metal konsentratlarını və digər mineral ehtiyatları hasil edir və onları sərbəst surətdə bazarlarda satır.

Sazişin 6-cı maddəsinə əsasən işlənmə və hasilat dövrünün başlandığı tarixdən sonra 30 gün müddətində hökumət və podratçı layihənin idarə olunması üçün rəhbər komitə yaradırlar. Rəhbər komitə hökumətin və podratçının bərabər sayda namizədlərindən ibarət olmalıdır. Həm hökumət, həm də podratçı tərəfindən 5 nümayəndə təyin edilir. Rəhbər komitənin iclaslarında səsvermə zamanı hökumət və podratçının hər bir nümayəndəsinin bir səsi vardır. Rəhbər komitənin qərarları adi səs çoxluğu ilə qəbul olunur. Rəhbər komitə illik iş proqramını və büdcələri təsdiq edir, mədən-filiz əməliyyatlarına nəzarət edir, təlim proqramlarını, əmtəəlik məhsulun marketinqi və satışı siyasətini təhlil və təsdiq edir, yardımçı komitələrini yaradır və onların fəaliyyətinə nəzarət edir, ləğvetmə işlərinin planlarını və torpağın bərpası üzrə məsrəfləri nəzərdən keçirir və təsdiq edir.

Qüvvəyəminmə tarixindən sonra mümkün qədər qısa və 1 aydan çox olmayan müddətdə Londeks ona 100 faiz məxsus olan ortaq şirkətini − Əməliyyat Şirkətini təyin etməlidir. Əməliyyat Şirkəti Azərbaycan Respublikasından kənarda təsis edilə və ya yaradıla bilər, lakin fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə Azərbaycan Respublikasında qeydiyyatdan keçməlidir. Əməliyyat Şirkətinin vəzifələri sırasına podratçının adından mədən-filiz əməliyyatlarının gündəlik idarə olunması, əlaqələndirilməsi, həyata keçirilməsi və aparılması yolu ilə kəşfiyyat işləri proqramları, işlənmə və hasilat proqramları, illik iş proqramlarının yerinə yetirilməsi, habelə bu saziş çərçivəsində podratçının tapşırığı ilə başqa funksiyaların icrası daxildir.

Əməliyyat Şirkətinin mülkiyyətində heç bir əmlak və ya avadanlıq olmur. Əməliyyat Şirkəti bu saziş üzrə podratçının göstəriş və təlimatlarına əsasən yalnız əməliyyatçı kimi fəaliyyət göstərir. O, kontrakt sahəsində hasil edilən mineral ehtiyatlarının və ya istehsal olunan əmtəəlik məhsulun hər hansı hissəsinin sahibi olmaq hüququna malik deyildir, mənfəətsiz və zərərsiz işləyən bir qurumdur.

Tərəflər qüvvəyəminmə tarixindən sonra mümkün qədər qısa müddət ərzində əməliyyat sazişi bağlamalıdırlar və bu cür əməliyyat sazişində idarə heyətinin yaradılması nəzərdə tutulmalıdır. İdarə heyətində hökumətin 50 faiz səs hüququna malik bir nümayəndəsi olmalıdır. Xüsusi ilə qeyd etmək lazımdır ki, bu layihənin bütün mərhələlərində dövlətin səsvermə hüququ ilə iştirakı nəzərdə tutulur. Bu da sazişin lazımi qaydada icrasına nəzarəti və vaxtında müvafiq tədbirlərin görülməsini təmin edir.

Sazişin 7-ci maddəsinə müvafiq olaraq Əməliyyat Şirkətində Azərbaycan Respublikası vətəndaşları olan işçilərin nisbəti aşağıdakı kimi olmalıdır: qüvvəyəminmə tarixindən etibarən işlənmə və hasilat proqramı təsdiq edilənədək mühəndis heyəti 45 faizdən, fəhlə-texniki heyət 80 faizdən, işlənmə və hasilat proqramının təsdiq edildiyi tarixdən mineral ehtiyatlarının hasilatına başlananadək idarə-mühəndis heyəti 60 faizdən, fəhlə-texniki heyət 90 faizdən aşağı olmamalıdır. Mineral resursların hasilatına başlanandan 5 il sonra idarə-mühəndis heyəti azı 70 faiz, fəhlə-texniki heyət 100 faiz olmalıdır. Podratçı Azərbaycan Respublikasının vətəndaşlarını mədən-filiz əməliyyatları ilə bağlı təlimlə, habelə lazım gəldikcə təkrar təlimlə təmin etməlidir.

Sazişin 11-ci maddəsinə müvafiq olaraq podratçının mədən-filiz əməliyyatlarının məsrəflərinin əvəzinin ödənilməsinə hüququ var. Ümumi məbləğdən birinci növbədə podratçının çəkdiyi bütün əməliyyat məsrəflərinin, sonra isə ümumi məbləğdən podratçının çəkdiyi əsaslı məsrəflərin əvəzi ödənilməlidir. Məsrəflərin əvəzinin ödənilməsinin hesablanması və məsrəflərin əvəzinin ödənilməsinin həyata keçirilməsi illik əsasda aparılır. Hər maliyyə ilinin sonunda maliyyələşdirmə məsrəfləri hər hansı əvəzi ödənilməmiş əsaslı məsrəflərə və yaxud əməliyyat məsrəflərinə əlavə edilir. Əməliyyat məsrəfləri və əsaslı məsrəflərin ödənilməsi üçün zəruri əmtəəlik məhsulların miqdarı əmtəəlik məhsulların ümumi miqdarından çıxıldıqdan sonra əmtəəlik məhsulların qalan hissəsi mənfəət hesab olunur. Əmtəəlik məhsulların satışından əldə edilən gəlir Azərbaycan Respublikası və podratçı arasında aşağıdakı qaydada bölüşdürülməlidir: bu cür gəlirin 30 faizi Azərbaycan Respublikası Hökumətinə köçürülməli və 70 faizi podratçı tərəflər arasında onların iştirak paylarına mütənasib şəkildə bölünməlidir. Podratçı tərəflərdən sazişdə müəyyən olunmuş mənfəət vergisi tutulur.

Sazişin 16-cı maddəsinə müvafiq olaraq mənfəət vergisi dərəcəsi bu sazişin qüvvədə olduğu müddət ərzində təsbit edilmiş 22 faizə bərabərdir. Yerli podratçılar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb edilirlər, xarici podratçılar isə 70 faiz gəlir əldə etmiş hesab edilir və ümumi kontrakt məbləğinin 5,5 faizini ödəmə anında vergi kimi büdcəyə köçürməlidirlər. Podratçı, Əməliyyat Şirkəti kimi fəaliyyət göstərən fiziki şəxslər yalnız Azərbaycan Respublikasının vətəndaşları olan əməkdaşlara münasibətdə Azərbaycan dövlət sosial sığorta ayırmalarını və oxşar ödənişləri həyata keçirirlər. Məşğulluq fonduna, sosial sığorta və tibbi sığorta fondlarına ödənişlər istisna olmaqla bütün digər vergi, rüsum və sair ödənişlərdən azaddırlar.

Sazişin 25-ci maddəsində həm də podratçı tərəfindən dövlətə 2 min ABŞ dolları məbləğində bonusun ödənilməsi nəzərdə tutulur. İmzalanmadan sonra 30 gün ərzində 200 min dollar, kəşfiyyat dövründə 3 il ərzində ildə 1 dəfə hər biri 600 min dollar məbləğində bonus ödəniləcəkdir.

Sazişdə tərəflərin təminatlarını, qarşılıqlı hüquq və öhdəliklərini tənzimləyən, əmtəəlik məhsulun qiymətləndirilməsi metodikasını müəyyənləşdirən fors-major hallarını, sazişin qüvvəsinə xitam verilməsi hallarını, iqtisadi sabitləşmə və arbitraj, məxfilik, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi, sığorta, etibarlılıq, layihə standartları və sair məsələləri əhatə edən maddələr öz əksini tapmışdır ki, bunlar da beynəlxalq mədən-filiz sənayesində hamılıqla qəbul edilmiş prinsiplərə uyğun gəlir, təhlükəsiz mədən-filiz əməliyyatlarının aparılması üçün şərait yaratmış olur. Azərbaycan Respublikasının maraqlarına cavab verdiyini, ölkəmizin iqtisadi-sosial potensialının gücləndirilməsinə, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət etdiyini nəzərə alaraq sizdən Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə dəstək verməyinizi və təsdiq olunmasına səs verməyinizi xahiş edirəm.

Mən təcrübəmdən bilirəm ki, müzakirə zamanı bəzi suallar ortaya çıxacaq, bəzi məqamlara aydınlıq gətirmək lazım olacaq. Buna görə də bəzi əlavələri etməyi özümə borc bilirəm. Sual ola bilər ki, hansı meyarlara görə bu şirkətlər podratçı tərəflər kimi seçilmişdir. İlkin danışıqlar cürbəcür şirkətlər və şirkətlər qrupu ilə aparılmışdır. Son nəticədə göstərilən sahələrdə sazişdə sadalanan fəaliyyətlərin aparılmasına maraq göstərən 3 şirkət və ya şirkətlər qrupu qalmışdır. Bunlardan birincisi heç bir öhdəlik götürmədən şirkətə adları çəkilən sahələrlə əlaqədar uzunmüddətli müstəsna hüquqlar tələb etmişdir və bunların əvəzində lazım bildiyi həcmdə, lazım bildiyi zamanda ancaq tədqiqat işləri aparacağını və bunların nəticəsinə görə lazım bildiyi zamanda gələcək hərəkətləri haqqında məlumat verəcəyini bildirmişdi. Onlar, ümumiyyətlə, mədən-filiz işlərinin riskli olduğunu nəzərə almış və beynəlxalq təcrübəyə əsaslanaraq bu təklifi vermişdilər. Bu cür təklifi verən şirkətin nə qədər böyük və zəngin olmasına baxmayaraq, belə təklif qəbul edilə bilməzdi.

İkinci şirkət isə uzunmüddətli müstəsna hüquqlar əvəzində çox məhdud öhdəliklərin götürülməsinə hazır olduğunu bildirmişdi. Cəmi 50 min ABŞ dolları məbləğində bonus və kəşfiyyat işlərinə 2 milyon dollar sərmayə təklif etmişdi. Məlumat üçün bildirim ki, bu məbləğ bir sahənin səthi kəşfiyyatına yetməzdi. Bu işlərin nəticələri şirkəti qane edərdisə, sonrakı əsaslandırmalar və işlər üçün 5 milyon dollardan artıq olmayan sərmayə qoyuluşuna zəmanət verilmişdi. Bu cür təklif də qəbul edilə bilməzdi. Belə təkliflərin verilməsi heç təəccüblü də deyil. Çünki dağ-mədən sahəsində risklər və birinci növbədə, geoloji risklər həddindən artıq yüksəkdir.

İstərdim, bununla bağlı sizə bəzi göstəriciləri təqdim edim. Son zamanlar tədqiq edilmiş 4900 filiz-mədən sahəsində kəşfiyyat işlərinin nəticəsinə görə işlənmə və hasilat mərhələsinə cəmi 135 sahə təqdim edilmişdi. Orta hesabla filiz-mədən sahələrində aparılan kəşfiyyat işlərinin 2−3 faizi uğurla nəticələnir. Burada oturan deputatların çoxu neft sahəsində imzalanmış kontraktlarla tanış olduğuna görə yadınıza salım ki, həmin göstərici neft-qaz sahəsində 20−30 faizə qədərdir.

Nəhayət, müzakirənizə təqdim edilmiş sazişin podratçı tərəflərinin təklifləri ölkəmiz üçün daha səmərəli olduğuna görə onlar qəbul edilmişdir. Bu təkliflər əsasında aparılmış danışıqlar nəticəsində uzunmüddətli əməkdaşlıq üçün şərait yaradan saziş imzalanmışdır.

Burada belə bir sual da səsləndirilə bilər ki, göstərilən 2 milyon bonusdan başqa, podratçı tərəflərin sərmayələri hansı məbləğdə olacaq? Tam səmimiyyətlə deyirəm ki, tədqiqat, kəşfiyyat lazım olarsa, əlavə kəşfiyyat işləri bitməyənə və bunların əsasında müvafiq işlənmə və hasilat proqramları hazırlanıb təsdiq edilməyənə qədər heç kim dəqiq rəqəm deyə bilməz. Dəqiq demək olar ki, kəşfiyyat işlərinin aparılması üçün birinci mərhələdə 50 milyon dollara yaxın, ikinci və üçüncü mərhələdə aşağısı 60 milyon dollara yaxın sərmayə tələb olunacaqdır. Kəşfiyyat işlərinin nəticəsində aşkar edilmiş ehtiyatların miqdarından, keyfiyyətindən, seçiləcək işlənmə və hasilat növlərindən asılı olaraq sonrakı mərhələlərdə qoyulacaq sərmayələr 1−3,5 milyard dollar arasında qiymətləndirilə bilər.

Burada sual yarana bilər ki, podratçı tərəflərin belə maliyyə imkanları olacaqmı? Yəqin ki, olacaq. Çünki podratçı tərəflər maliyyə imkanlarını yüksək reytinqli, tanınmış maliyyə-kredit qurumlarının müvafiq sənədləri ilə hökumətə təqdim etmişlər. Slayların birində sahələrin adları göstərilərkən qabağında hansı metal ehtiyatlarının gözlənildiyi göstərilmişdir. Misal üçün, ərazi olaraq Çovdar sahəsi ehtimal edilən az sulfitli qızıl yatağı və ərazi olaraq Köhnəmədən sahəsi ehtimalı olunan polimetal yatağı kimi göstərilmişdir. Ancaq bu o demək deyil ki, bu sahələrdə artıq sənaye əhəmiyyətli və kommersiya dəyəri olan ehtiyatlar aşkar edilmişdir. Bu belə deyil. Bunların aşkar edilməsi və sənaye əhəmiyyətli olmasını təsdiq etmək üçün böyük həcmdə kəşfiyyat və tədqiqat işləri aparmaq lazım gələcəkdir. Bu ehtiyatlar təsdiq ediləndən, balansa alınandan sonra bunların hasilatı üçün ehtimal texnologiyaları hazırlanmalı, müvafiq müəssisələr tikilməlidir. Texnoloji cəhətdən emal səmərəli və mənfəətli öyrəniləndən sonra bunların nə qədər dəyərli olduğu məlum olacaqdır.

Bir misal. Bu sahələrlə bir az tanışlığı olan deputatlarımız, yəqin, fikir veriblər ki, Köhnəmədən sahəsi məşhur Filizçay filiz sahəsinə bitişikdir və bəzi yerlərdə kəsişir. Bu filiz sahəsi çoxdan məlumdur. Hələ 1984-cü ildə bunun ehtiyatları polimetal yatağı olaraq təsdiq edilmişdir. Ancaq Filizçay polimetal yatağında aşkar edilmiş polimetalların tərkibi o qədər mürəkkəbdir ki, nə sovetlər vaxtında, nə də bu gün texnologiyalar işlənib hazırlanmışdır. Məhz buna görə də bu metalların dəyərini təyin etmək mümkün deyil. Ona görə də Azərbaycan hökuməti podratçı tərəflərə ancaq bir sahə ilə bağlı hüquq vermişdi. Buraya bu sahədə olan polimetal filizlərin öyrənilməsi, texnoloji tədqiqatların aparılması, texnologiyaların işlənilib hazırlanması, müvafiq emal müəssisələrində bunların sınaqdan keçirilməsi daxildir. Sonra isbat olunsa ki, bu filiz yatağının işlənilməsi əlverişlidir, onda Azərbaycan hökuməti bunun bu saziş çərçivəsində işlənməsinə imkan verəcəkdir. Bu da Azərbaycan hökumətinin ehtiyatlarımıza nə qədər səmərəli yanaşdığını, nə qədər ehtiyatlı iş gördüyünü göstərir. Kimsə reqlamentə görə darıxırsa, mən çıxışımı qurtara bilərəm. Suallarınız olarsa, cavab verərəm. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.

V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, Sizdən xahiş edirəm ki, belə sazişlər Milli Məclisə təqdim olunanda İqtisadi siyasət daimi komissiyasında müzakirə olunsun. Çünki bu, birbaşa iqtisadiyyatla əlaqədardır. Burada vaxtımız çox az olduğuna görə layihəyə müdaxilə etmək imkanımız həddindən artıq aşağıdır. Mən xahiş edirəm, bundan sonra belə iri kontraktlar İqtisadi siyasət daimi komissiyasına verilsin ki, fikirlərimizi deyək. Ümumi götürəndə, bu kontraktın Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti var. Neft kontraktlarından sonra bu, ən iri kontraktlardan biri olacaq, əlavə iş yerlərinin açılmasına və regionların iqtisadi inkişafına çox böyük təsir göstərəcək. 6 sahəni əhatə etməsi bu kontraktın çox böyük əhəmiyyətindən xəbər verir. Kontraktda qeyd edildiyi kimi, artıq Azərbaycan hökuməti tərəfindən bir sıra geoloji işlər görülmüş, yəni qızıl, əlvan metal yataqları aşkar edilmişdir.

Kontraktın müsbət tərəflərindən biri onun 5 komponentdən ibarət olmasıdır. 5-ci komponent torpağın bərpası ilə əlaqədardır. Bu, müsbət haldır. Belə kontraktlarda torpağın bərpası həmin ərazidə yaşayan əhalinin ekoloji vəziyyətini təmin etmək üçün çox böyük əhəmiyyət kəsb edir. Rəhbər komitənin yaradılmasında 5 nəfər xarici, 5 nəfər Azərbaycan vətəndaşının iştirakı bizim vətəndaşlarımızın hüququnun qorunması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Burada yerli mütəxəssislərin sayının 45 faizdən 70 faizə qaldırılması əhəmiyyətli məsələdir.

Burada sual doğuran bir sıra məsələ var. Mən Valeh müəllimdən xahiş edirəm ki, o məsələlərə aydınlıq gətirsin. Birincisi, müqavilə 30 ilə bağlanır və sonradan müqavilə normal həyata keçirilirsə, yəni yataqda əlavə nə isə qalırsa, 20 il müddətinə uzadılır. 30 il böyük müddətdir. 30 il müddətində o yataqlarda işləyən vətəndaşlarımız lazım gəlsə, özləri də bu yataqları istismar edə və oradan lazım olan məhsulu çıxara bilərlər. Ona görə də bunun 20 il uzadılmasına o qədər də ehtiyac yoxdur.

Pay bölgüsü ilə əlaqədar bir-iki kəlmə demək istəyirəm, 30 faiz Azərbaycan dövlətinə, 70 faiz isə İngiltərə, Yaponiya və Böyük Britaniya şirkətlərinə verilir. Bu nə ilə əlaqədardır? Əgər sərmayə qoyuluşu ilə əlaqədardırsa, Azərbaycan dövləti özünün yataqlarını verir. Niyə 50 faiz olmasın? Bunun kökünü bilmək istəyirəm. Nə səbəbə 30–70 faiz götürülür? Burada böyük məbləğdən söhbət gedir.

Şirkətlərlə əlaqədar danışmaq istəyirəm. Yəqin, Valeh müəllimdə 4 şirkətlə əlaqədar məlumat var. Sabah deyilməsin ki, onun rəhbərliyində bizə düşmən olan dövlətlə əlaqədar insanlar fəaliyyət göstərirlər. Yəqin, bu barədə məlumat var. 24-cü maddədə məxfilik məsələsi çox ciddi qoyulur. Əməliyyat Şirkətinin gördüyü işlərin məxfiliyi qorunub saxlanılmalıdır. Bu nəyə lazımdır? Azərbaycan cəmiyyətinə həmin şirkətlərin apardığı işlərə dair şəffaf məlumat vermək əvəzinə məxfilik yüksək səviyyədə qorunub saxlanılır. Ümumiyyətlə, bu kontraktda həmin şirkətlərə böyük əlavə hüquqlar verilir. Onlar faktiki olaraq əlavə dəyər vergisindən tamamilə azad edilirlər. Yalnız 22 faiz mənfəət vergisi verirlər. Niyə onlar vergi ödəmirlər? Bu, torpaqla, yataqlarla, qızıl, mis və əlvan metallarla əlaqədardır. Onlar niyə yalnız mənfəət vergisi ödəməlidirlər?

Digər tərəfdən, torpaqla əlaqədar bu şirkətlərə çox böyük hüquq verilir. Hətta mən deyərdim ki, torpaqla əlaqədar bu şirkətə Konstitusiya hüququna uyğun hüquqlar verilir. Bu nə ilə əlaqədardır? Fikir verirsinizsə, şirkətdə kontrakt faktiki olaraq beynəlxalq qanunlarla yox, İngiltərə qanunları ilə tənzimlənir. Bu niyə belədir? Niyə bu, beynəlxalq qanunlarla tənzimlənmir? Bayaq qeyd etdiyim kimi, suallarımız çoxdur, amma burada hər sualı qaldırmaq istəmirik. Əgər bu kontrakt normal işləsə, Azərbaycanın iqtisadiyyatı üçün çox böyük əhəmiyyəti olacaq və regionların iqtisadi inkişafına çox böyük təsir göstərəcəkdir. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Yəqin, Valeh müəllim Sizin qaldırdığınız suallara açıqlama verəcək, amma mən Sizin dediyiniz bir məsələyə qısa şəkildə aydınlıq gətirmək istərdim. Kontraktın şərtlərinin belə olmasının əsas məqsədi odur ki, o, cəlbedici olsun. Bunlardan başqa onlarca şirkət Azərbaycanda olub, amma onların şərtləri on dəfə bundan ağır olub. Bu, cəlbedici məsələdir. İqbal Ağazadə.

İ. Ağazadə. Çox sağ olun. Kontraktın verəcəyi xeyirdən daha çox bir məsələ mənim diqqətimi çəkir. Yadınızdadırsa, bundan əvvəl Kanadanın bir şirkəti ilə müqaviləni ratifikasiya edən zaman mənim bir sualım olmuşdu ki, xahiş edirik, bu şirkət haqqında bizə məlumat verin, çünki bizim aldığımız məlumata görə bu şirkət işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanla birgə kəşfiyyat və qazıntı işləri ilə məşğuldur. Onda hörmətli komissiya sədrlərindən biri israrla bunu təkzib etdi və dedi ki, belə bir hal yoxdur. Üstündən bir neçə ay keçmiş bizim ratifikasiya etdiyimiz həmin sənədin tərəflərindən biri haqqında Xarici İşlər Nazirliyinin notası oldu. Biz faktiki olaraq bir kontraktla qarşı tərəfdə qeyri-qanuni surətdə qazıntı işləri ilə məşğul olan şirkətə öz ərazimizdə hüquqlar verdik.

Mən ilk növbədə istərdim biləm ki, bu şirkətlər harada fəaliyyət göstərirlər? Onlar Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul deyillər ki? Bu, araşdırılıbmı? Sabah Ermənistanla işğal olunmuş Azərbaycan ərazilərindəki həmin faydalı qazıntıların aşkarlanması və sair istiqamətdə nələr edəcək? Kontraktı imzalayan tərəflər heç bunları düşünübmü? Düzdür, keçən dəfə də Kanada şirkəti ilə bağlı məsələ qaldıranda deyildi ki, bu, məhkəmələr yolu ilə çözülən bir məsələdir. Bu, məhkəmə ilə çözülən məsələ deyil, dövlətin məsuliyyətidir. Çünki Birləşmiş Millətlər Təşkilatının üzvü olarkən Azərbaycanın ərazi bütövlüyü tam qəbul olunub və Birləşmiş Millətlər Təşkilatının tanıdığı ərazi çərçivəsində Azərbaycana icazəsiz daxil olan hər hansı bir şirkətin fəaliyyəti rəsmən beynəlxalq təşkilatlar tərəfindən də durdurulmalıdır. Ona görə hörmətli Valeh müəllim, mən Sizdən xahiş edirəm ki, kontraktda iştirak edən tərəflərin fəaliyyət dairəsi barədə bizə geniş məlumat verəsiniz. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Əli Məsimli.

Ə. Məsimli. Çox sağ olun. Cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Müzakirə olunan saziş Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və bir neçə rayonda olan yataqlara həsr olunub. Bu həm Kiçik Qafqaz regionundakı, həm Naxçıvandakı, həm də Balakən rayonundakı yataqlara aiddir və böyük bir sahəni əhatə eləyir. Yataqların biri Qazax rayonu yaxınlığındadır. Burada iqtisadi fəaliyyətin artması o rayonun inkişafına da, təbii ki, təsir göstərəcəkdir.

Mən sazişlə tanış olanda buna hasilatın pay bölgüsü prinsiplərinə nə qədər əməl olunması, bundan irəliyə, ya geriyə doğru addımlar atılması kontekstindən baxdım. Nəzarət şirkətinin olmasını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu, həmin proseslərdə obyektivliyin təmin edilməsi nöqteyi-nəzərindən vacibdir. Eyni zamanda, aydın məsələdir ki, hasilatın pay bölgüsündə əlavə dəyər vergisindən başqa, vergilərin hamısı sıfır dərəcəsindədir. Amma gömrükdə müəyyən dərəcədə faizlər nəzərdə tutulub və təkmilləşdirilmiş qaydada dəyişilib. Bu cür bir sıra məqamları nəzərə alsaq, hər halda bu sazişin müəyyən üstünlükləri var.

Amma, təbii ki, burada bir sıra vacib cəhətlər var ki, onları araşdırmaq lazımdır. Birinci, burada qaldırılan məsələyə başqa kontekstdən yanaşmaq istəyirəm. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi artıq işğal olunmuş Azərbaycan ərazisində 20-yə yaxın xarici şirkətin işlədiyini aşkarlayıb və onların siyahısını tutub. Hesab edirəm, ictimaiyyət üçün bu sual çox aktualdır ki, bu sazişdə iştirak edən şirkətlərin adı həmin siyahıda varmı?

İkinci, Valeh müəllim də xüsusi qeyd elədi, bu, xüsusi riskli, çətin bir sahədir. Əlbəttə ki, burada işləyən şirkətlərin həmin istiqamətdə ciddi etibarlılığı olmalıdır. Açığını deyim ki, Almaniya şirkətləri istisna olmaqla başqa şirkətlərin bu sahədə bizi təmin eləyən şəkildə səriştəsi olması barədə informasiya azdır. Burada adı çəkilən şirkətlərin hansı ölkələrdə fəaliyyət göstərməsi, müsbət nəticə əldə etməsi və tanınması istiqamətində məlumatların olmasını vacib hesab edirəm ki, bu da Azərbaycan ictimaiyyəti üçün çox gərəkli məsələdir.

Növbəti məsələ adı çəkilən yataqlarla bağlıdır. Bu yataqların bir hissəsində sovet hökuməti dövründə, bir hissəsində isə sovet hökumətindən əvvəlki dövrlərdə müəyyən dərəcədə tədqiqatlar aparılıb. Onların bir hissəsi sənaye istehsalına hazırlanmış səviyyədədir. Balakəndə hələ ötən əsrin əvvəllərində alman şirkəti müəyyən dərəcədə fəaliyyət göstərib. Görülən işlər təkrar xərclərin artması kimi ortaya çıxmayacaqmı? Bunun qarşısını almaq üçün sazişdə etibarlı mexanizm varmı və görülən işlərin dəyəri Azərbaycan hökuməti ilə adekvat münasibətlərdə necə hesablanacaq və necə aydınlaşacaq? Bu da müəyyən dərəcədə mühüm əhəmiyyət kəsb edir. Məlumatlardan açıq-aydın görünür ki, həmin yataqlarda kifayət qədər tədqiqat və sair işlər aparılıb. Ona görə də adı çəkilən xərclərin bir hissəsi uçota necə düşəcək? Hesab edirəm ki, bu, vacib əhəmiyyət kəsb edən məsələdir.

Sonra, qaldırmaq istədiyim ciddi məsələlərdən biri ondan ibarətdir ki, burada Azərbaycan tərəfinin öz üzərinə götürdüyü öhdəliklər kifayət qədər yüksəkdir. Amma şirkətlərin götürdüyü öhdəliklərdə elə boşluqlar var ki, nəzarət şirkəti bu prosesi aparan zaman onu nə dərəcədə tənzimləyə biləcək? Xüsusən bu, özünü arbitrajda ciddi şəkildə göstərir. Birinci mərhələdə tərəflər öz aralarında razılığa gəlməlidirlər. Əgər razılığa gələ bilməsələr, bunu arbitraj həll edir və burada Azərbaycanın payına, onun mülkiyyətinə həbs qoymaq səviyyəsinə qədər məqamlar var. Bu məsələlərin tənzimlənməsində müəyyən aydınlığın gətirilməsinə böyük ehtiyac var.

Layihədə, mənim fikrimcə, Azərbaycan üçün gələcəkdə təhlükə törədəcək məsələ ekologiya ilə bağlıdır. Burada ekoloji məsələ yalnız standartlar səviyyəsində bir cümlə ilə öz əksini tapır və sazişin axırında da məlum olur ki, Azərbaycanda qəbul olunmuş qanunlar nəzərdə tutulur. Amma mütəxəssislərə məlumdur ki, Filizçay yatağı ilə yanaşı olan polimetal yataqlarının istifadəsində müasir texnologiya olmadığına görə o qarışıqların bir hissəsi sulara qatılır və oradakı fauna və flora üçün böyük təhlükə yaradır. Açığını deyim, həmin qarışıqlar suya qatılanda orada lax yumurtanın iyini verən bir proses gedir. Bu, təkcə fauna, flora üçün yox, insanların psixikasına da təsir edir. Bunun qarşısını almaq üçün hansı tədbirlər görüləcək? Sazişin maddələrində açıq-aydın görünür ki, əgər qəsdən edilibsə, sanksiyalar var, yox, ümumiyyətlə, orada problem olacaqsa, onda podratçı ağlabatan səviyyədə səylər göstərəcək. Bu “ağlabatan” nə deməkdir? O biri tərəfdən də, kim orada qəsdən ekoloji qəza törədər? Həmin maddələrdə bilavasitə ekoloji sahədə problem yarananda vəziyyətdən çıxmağa imkan verən məqamlar var, amma hər halda, hesab edirəm ki, onların gücləndirilməsinə böyük ehtiyac var.

Keçən dəfə dediyim kimi, mən Azərbaycanda bu cür sazişlər bağlananda açıq tender mexanizmindən istifadə edilməsini məqsədəuyğun hesab edirəm. Azərbaycan əsas parametrlərdə öz şərtlərini qoyur və həmin şərtlər daxilində hansı şirkətlər tenderdə iştirak etmək istəyirlərsə, müraciət edirlər. Bu halda onlar bir-biri ilə rəqabət aparır və Azərbaycanın ən yaxşı şərtləri qəbul eləməyə imkanı olur. Məndən əvvəl deputat həmkarlarım dedilər, pay bölgüsündə Azərbaycan tərəfi 30 faiz əldə edir. Burada mənfəət vergisinin də 22 faiz olması məqamı var. Bunları üst-üstə gələndə yenə də 50 faizdən aşağı olur. Pay bölgüsündə Azərbaycan hökumətinin payının aşağı olması məsələsinə aydınlıq gətirilməlidir.

Sazişdə mühüm əhəmiyyət kəsb edən bir məsələyə də toxunmaq istərdim. Aydın məsələdir ki, mütəxəssislər, xüsusi ilə menecerlər xaricdən gətirilməlidir. Amma mən texniki xarakterli işçilərin, yəni mütəxəssis olmayanların xaricdən gətirilməsini başa düşə bilmirəm. Nə səbəbə əziyyət çəkib kənardan mütəxəssis olmayanları gətirirlər və onlara qat-qat artıq maaş verirlər? Hesab edirəm ki, bu, xərclərin artmasına gətirib çıxarır. Gələcəkdə müqavilələr bağlanan zaman, heç olmasa, mütəxəssis olmayanların hesabına yerli işçi qüvvəsinin faizinin artırılmasını məqsədəuyğun hesab edirəm.

Məni narahat eləyən digər bir məsələ də ekoloji təhlükəsizliklə bağlıdır. Danışıqlarda ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində müəyyən tədbirlərin görülməsini vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Əli müəllim, öz xeyrini bilən hər hansı bir şirkət özü ilə xaricdən texniki işçilər gətirməyəcək, onları buradan götürəcək. Görürəm ki, sualların bəziləri təkrarlanır, ona görə istəyirəm ki, Valeh müəllim bunlara cavab versin. Bir də, xahiş edirəm ki, burada bir fikir söylənilibsə, onu təkrarlamayaq. Buyurun, Valeh müəllim.

V. Ələsgərov. İşçilərlə əlaqədar deputatlara bir məsləhətim var. Pulu olmayana kreditlə kömək edərəm, gedib Türkiyədə iş yeri açsın, amma Türkiyədən 500 dollarlıq işçi götürməsin, Azərbaycandan 5000 dollara işçi aparsın. Görün, cibindən pul xərcləyən bir nəfər adam belə hərəkət edərmi? Bu məsələni hər dəfə qaldırırlar. Mən yenə deyirəm, cibindən pul qoyan sərmayəçinin başına hava gəlməyib ki, burada ucuz işçi qüvvəsini qoyub, xaricdən yüksək maaşa mütəxəssis olmayan işçi gətirsin.

Yataqları vermirik. Yataq o vaxt yataq olur ki, orada tam kəşfiyyat işləri aparılıb, yüzlərlə kəşfiyyat quyuları qazılıb, nümunələr çıxarılıb, beynəlxalq səviyyədə tanınmış standartlaşdırılmış laboratoriyalarda qızılın, misin miqdarı öyrənilib. Emal texnologiyalarının səmərəli olduğu təsdiq olunandan sonra ona yataq demək olar. Bu sahələrin heç biri yataq deyil.

Mən bayaq Filizçay polimetal yatağını misal gətirdim. O da bu kontrakta daxil edilməyib. Azərbaycan hökuməti onu bilərəkdən bura daxil etməyib. Qalan sahələrin heç birində nə sovetlər vaxtında, nə də ondan sonra təsdiq edilmiş sənaye əhəmiyyətli yataq var. Buna təminat verirəm. Burada “yataq” sözü, ola bilsin, düzgün işlənilmir. Bu sahələrin içində sənaye, ticarət əhəmiyyətli, kommersiya dəyərli yataq yoxdur. Ona görə də burada böyük tədqiqat və kəşfiyyat işləri aparılmalıdır. Lazım olarsa, əlavə kəşfiyyat işləri aparılmalıdır, müvafiq texnologiyalar seçilməlidir. Ondan sonra demək olar ki, burada yataq var, ya yoxdur.

İkincisi, mən burada kreditlə bağlı misal gətirdim. Beynəlxalq araşdırmalara, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankının, Dünya Bankının, Amerika Geoloji Xidmətinin tədqiqatlarına baxsanız, görərsiniz ki, bu, 2 faizdir. Neft və qazda isə kəşfiyyat işlərinin uğurla bitməsi üçün bu, dediyim kimi, 20−30 faizdir. Mən həm də bayaq misal gətirdim ki, cürbəcür şirkətlər və şirkətlər qrupu ilə danışıqlar aparılıb. Bunlardan cəmi 3-ü buna maraq göstərib. Qalanları, dediyim kimi, müstəsna hüquqlar tələb ediblər, heç bir öhdəlik götürmək istəməyiblər. Deyiblər ki, üzdən kəşfiyyat işləri apararam, əgər lazım bilərəmsə, başqa işlərə başlayaram və sair. Bu şirkətlər isə dediyimiz şərtləri qəbul edib, öhdəliklər götürüblər. Mən sizə deyirəm ki, 2 milyon dollar məbləğində bonusdan başqa kəşfiyyat işlərinin aparılmasına aşağısı 110 milyon dollar sərmayə gedəcək. Bu, elə-belə iş deyil. Bizdə hələlik belə yataq yoxdur ki, şirkətlər növbəyə düzülsünlər.

Burada tenderlə bağlı fikir səsləndi. Əli müəllim, bir misal var: ata minmək bir ayıb, düşmək isə iki ayıb. Tenderi o vaxt keçirmək olar ki, əlimizdə yüzdə-yüz təsdiq olunmuş məlumat var ki, burada 100 ton qızıl var, özü də 1 ton maddədə 17 qram qızıl var və sair. Bu olmayandan sonra tender keçirmək bir az qorxuludur. Mən o sahələri yaxşı tanıyıram və o sahələr haqqında danışılanları da çox eşitmişəm. “Şamaxı yolunun kənarında neft çıxır, orada milyonlarla ton neft var” fikrini də eşitmişəm, amma heç kim ora pul qoymaq istəmir. Biz o sahələri verməyə hazırıq, gedən yoxdur. Bu, risklərlə əlaqədar olan işdir və bu şirkətləri cəlb eləyə bilmişiksə, böyük işdir. Orada uzunmüddətli tədqiqatlar aparılacaq və bunlar böyük risklərdir.

Ekoloji təhlükəsizlik məsələlərini, əlbəttə, fikirləşməliyik, təbiətimizi, millətimizi, özümüzü qorumalıyıq. Baş nəzarətçi olan “Mitsui Mineral Development Enceniring Ko.” şirkəti bu sahədə dünyanın ən tanınmış, ən səriştəli şirkətlərindən biridir. Şirkət bunların standartlara uyğun olmadığını təsdiq eləsə, keçməyəcək. Ona görə də həm dövlətin, həm də bu şirkətin nəzarəti var. Nəzarətçinin burada maliyyə marağı yoxdur, onun bir marağı var: yaxşı nəzarətçi olduğunu isbat etmək. Ona görə də məndə şübhə yoxdur ki, ekoloji məsələlərdə problem ola bilər.

Bu şirkətlər xüsusi təyinatla yaradılmışdır. Dünya təcrübəsi belədir, hər layihə üçün xüsusi təyinatlı şirkət yaradılır. Bu şirkətlər ya Kayman adalarında, ya da Panamada qeydiyyatdan keçirlər. Elə ofşor zonaları var ki, tanınmış banklar, maliyyə qurumları orada bir əməliyyat da keçirmir. Qanunvericiliyin dürüstlüyünə görə ofşor zonalarını hamı tanıyır. Bu şirkətlər də belə ofşor zonalarda qeydiyyatdan keçmişlər. Biri də Bri-taniya Krallığında qeydiyyatdan keçib. Bunlar xüsusi təyinatlı şirkətlərdir və bu işlər üçün yaradılıbdır.

Sual verildi ki, müqavilə niyə 30 illik bağlanır? Əgər fikir verirsinizsə, burada kəşfiyyat, tədqiqat, öyrənilmə dövrü çox böyükdür. Bu, yığcam və böyük ehtiyatları olan bir yataq olsaydı, başqa məsələ. Kimin marağı var ki, uzun müddət işləsin, pulunu xərcləsin. Hər bir mədən sahəsində çalışan şirkət istər ki, qısa bir müddətdə ehtiyatlar çıxarsın, satsın, pul əldə etsin və tezliklə başqa layihəyə keçsin. Burada kəşfiyyat işlərinin həcmi böyükdür, bəzi texnoloji məsələlər həll olunmayıbdır. Filizi əmtəəlik məhsula çevirmək üçün texnologiya, müvafiq avadanlıq lazımdır. Əgər yataq aşkar olunarsa, yeni texnoloji layihələr hazırlanmalıdır. Ona görə də vaxt tələb olunur. Bir də ki, bunlar burada işləyirlərsə, biz nə itiririk?

Məsələ qaldırıldı ki, niyə bizim payımız 30 faizdir. Xahiş edirəm, sənədlərə diqqət yetirin. Beynəlxalq təcrübədə 15–20 faizdən söhbət gedir. O da dağ-mədən, filiz sənayesində olan risklərlə əlaqədardır. Bir də, 30 faizin üstünə 22 faiz mənfəət vergisini və podratçılara qoyulan vergiləri gəlin. Xarici subpodratçılar kontrakt məbləğinin 5,5 faizini büdcəyə ödəyirlər. Üstünə gəlin başqa fondları, infrastrukturu, yolları və sair. Bu, 50 faizdən yuxarı çıxır. Amma bu, sərmayəçilər üçün çox gözəl görünən bir işdir.

Sədrlik edən. Valeh müəllimə yenə də suallar olacaq?

Yerdən.
(Eşidilmir.)

V. Ələsgərov. Niyə? İngiltərə qanunları beynəlxalq qanunlar deyil? Beynəlxalq qanunlar nə deməkdir? Ümumi sözdür. Ona görə də iki tərəf üçün də uyğun olan konkret qanunvericilik seçilir. Şirkətlər işğal olunmuş ərazilərdə, Ermənistanda işləmir və işlərini bilirlər. Əli müəllim, mənim ürəyim buz kimidir.

Sədrlik edən. Sağ olun. Çıxış üçün təkid eləyən var? Pənah Hüseyn.

P. Hüseyn. Təşəkkür edirəm, Oqtay müəllim. Azərbaycanın faydalı qazıntılarının işlənməsi üçün xarici şirkətlərin cəlb olunması, investisiyaların qoyulması, Azərbaycanda xarici şirkətlər, sərmayəçilər üçün əlverişli investisiya şəraitinin yaradılması, cəlbedici təkliflərin edilməsi, şübhəsiz, heç kim tərəfindən etiraz doğurmayan bir həqiqətdir. Biz də Azərbaycan vətəndaşı olaraq, şübhəsiz ki, belə hal olduqda millətin, dövlətin mənafeyi, inkişafı baxımından çıxış etməliyik. Bu məsələyə bu cür də yanaşırıq.

Lakin bu müqavilə ilə bağlı, həqiqətən də, bir sıra suallar meydana çıxır. Mən qanun layihəsinin mətninə baxdım. Şərtlər, demək olar ki, neft kontraktlarının şərtləri ilə üst-üstə düşür. 1994-cü ildə bağlanmış neft müqaviləsinin təkcə iqtisadi deyil, geosiyasi müqavilə olması hamımıza aydındır. Söhbət iri neft şirkətləri vasitəsi ilə milyardlarla dönərli valyutanın Azərbaycana cəlb edilməsindən, faktiki olaraq Azərbaycanın müstəqilliyinin, təhlükəsizliyinin, iqtisadi inkişaf perspektivinin təmin edilməsindən gedir. Ona görə də belə neft kontraktlarında həmin şirkətlər üçün müstəsna hüquqların yazılması, heç şübhəsiz ki, məqsədəuyğun hesab edilirdi. Yəni mən həmin hüquqları, konkret olaraq qanun layihəsinin 4-cü bəndində ifadə olunan müddəanı nəzərdə tuturam. Bilirsiniz ki, bu saziş qüvvədə olduğu müddət ərzində onun müddəaları ona aid olan əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının mövcud və ya qəbul oluna biləcək qanunlarından, digər normativ hüquqi aktlarından, inzibati sərəncamlarından üstün tutulur. Mənə elə gəlir ki, özünə hörmət edən bir dövlət həyati zərurət olmasa, buna getməz. Məsələn, neft kontraktlarında bu var. O vaxt da bu, mübahisələrə səbəb olmuşdu. Şəxsən mən hesab edirəm ki, elə bir şərti neft şirkətləri qoysalar da, vəziyyəti, miqyası nəzərə alsaq, o vaxt bunun yazılması bəlkə də məqsədəuyğun idi. Lakin nəzəri cəhətdən Azərbaycana cəmi 100 milyon dollarlıq vəsait gətirəcək heç kimin tanımadığı bu şirkətlərlə Azərbaycan dövləti arasında belə bir sazişin bağlanması və “bu sazişin müddəaları Azərbaycan Respublikasının qanunlarından üstün tutulur” deyilməsi, mənə elə gəlir ki, indiki şəraitdə bizim dövlətçilik mənafelərimizə uyğun deyil.

Sonra, bizim peşəkar hüquqşünaslarımız var. Hörmətli Ziyafət müəllim də Konstitusiya hüququ üzrə mütəxəssisdir. Mən bir məsələyə aydınlıq gətirilməsini istəyirəm. Üçüncü çağırış Milli Məclisdə belə bir müddəanı özündə ehtiva eləyən üstün bir qanunu qəbul etməyimiz bizim səlahiyyətlərimizə aiddir, ya aid deyil? Belə çıxır ki, hətta referendum vasitəsi ilə də bəzi qanunları dəyişdirmək olmaz. Mən başa düşürəm, şübhəsiz, bu şirkətlərə təminat lazımdır. Hörmətli Valeh müəllim, yəqin, deyəcək ki, onlar hüquqi təminatlar istəyirlər. Lakin indi 90-cı illərin əvvəlləri deyil. Azərbaycanda investisiyaları, o cümlədən beynəlxalq iqtisadi əlaqələri tənzimləyən, beynəlxalq iqtisadi şirkətlərə beynəlxalq hüquq çərçivəsində təminatlar verən kifayət qədər qanunlar mövcuddur. Mənə elə gəlir ki, mövcud və bundan sonra qəbul ediləcək qanunlar heç bir halda həmin şirkətlərin mənafelərinə uyğun olmamalıdır. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük və sazişdə Azərbaycan dövlətinə bu cür etibarsızlıq və etimadsızlıq ifadə edən müddəaların yazılması heç bir halda qəbul edilə bilməz. Mən çox istəyərdim ki, bundan sonra bizə bu cür müddəaları özündə ehtiva edən qanun və sazişlər təqdim olunmasın.

Sonra, digər mühüm bir məsələni hörmətli Milli Məclis üzvlərinin, xüsusən də rayonları təmsil edən deputatların diqqətinə çatdırıram. “Torpaqdan istifadə” adlı 8-ci maddədə əhalinin mənafelərinə, fundamental vətəndaş və mülkiyyət hüquqlarına zidd olan müddəalar vardır. O müddəalar hansılardır? Açıqca yazılıb ki, lazım olduqca, – elə bu cür də ifadə olunur, – guya bütün əvvəlki öhdəliklər, o cümlədən vətəndaşlarla bağlı olan sazişlər ləğv edilir. Artıq torpaqlar bölüşdürülmüşdür. Bir çox halda otlaqlar və bələdiyyə torpaqları vardır. 8-ci maddənin müvafiq müddəasında hətta yazılır ki, bu torpaqlar müsadirə oluna bilər. Düzdür, burada ən aşağı bazar qiymətləri ilə kompensasiya verilməsi məsələsi öz əksini tapmışdır, lakin müsadirədən də söhbət gedir. Doğrudur, sazişdə xarici şirkətlərə müstəsna və qeyri-məhdud hüquqların verilməsi zamanı “mülkiyyət hüquqları müstəsna edilir” müddəası vardır. Lakin bu heç də bizim vətəndaşların, bələdiyyələrin, fermerlərin hüquqlarının güdaza verilməsi şəklində ifadə olunmalı deyildi. Üstəlik də, onlara bu məsələlərdə üstün kompensasiya və ciddi əvəz verilməsi məsələsini sazişin layihəsində görmürük.

Bir məsələyə də bizim bəzi hörmətli deputatlar toxundular. Bilirsiniz, 100−150 milyon dollar, əslində, böyük bir vəsait deyil. Çünki diqqət etsəniz, görərsiniz ki, bu şirkətlərə hansı hüquq verilib. Onlara 30 il ərzində bu sazişdə nəzərdə tutulan kəşfiyyat, təhqiqat işləri və sair üçün Azərbaycana vergisiz, rüsumsuz spirtli içkilər və ərzaq istisna olmaqla materialların gətirilməsi hüququ verilir. Kifayət qədər məlumatlar var ki, ümumiyyətlə, bir sıra xarici şirkətlər faktiki olaraq leqal qaçaqmalçılıqla məşğuldurlar. Onların bu leqal qaçaqmalçılıqdan, məsələn, elektrik malları, cürbəcür məişət cihazları gətirməsi ilə qeyri-qanuni əldə etdikləri mənfəət, əslində, onların qoyduqları sərmayələri qat-qat üstələyir. Mənə elə gəlir ki, sazişin bu müddəalarını da diqqətdən kənarda qoymaq olmaz. Bunun nəzarət hüququnun yalnız qeyd elədiyiniz o yapon şirkətinə verməklə guya aradan qaldırılması ilə bağlı deyilənlər o qədər də inandırıcı deyildir.

Yekun olaraq demək istəyirəm ki, Azərbaycan dövlətinin fundamental prinsipləri var. İndiki şəraitdə, mənə elə gəlir ki, həmin prinsipləri hər hansı ötəri, xırda iqtisadi sazişlər hesabına güdaza vermək olmaz.

İkincisi, əhalinin və vətəndaşların hüquqları hər şeydən üstündür. Azərbaycan qanunları birinci növbədə, vətəndaşın mülkiyyət, torpaq, ekoloji, normal ətraf mühit şəraitində yaşamaq hüquqlarını qorumalıdır. Ona görə də bu cür sazişlərdə milli maraqların pozulması hallarına yol verilməli deyil.

Ümumiyyətlə, bu cür müqavilələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bağlamasının özü də mübahisə doğurur. Çünki, əslində, ekoloji mənafeləri ifadə etməli olan bir təşkilatın, həm də istehsal və maddi xarakterli məsələləri tənzimləməsi, şübhəsiz, ekoloji mənafelərin pozulmasına gətirib çıxarır. Yəqin ki, bu məsələlərə, hörmətli Valeh müəllim aydınlıq gətirəcəkdir. Ola bilsin, İlyas müəllim də çıxış edəcək, hüquqi məsələlərə münasibət bildirəcək. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Mən bugünkü çıxışınıza görə Sizə “çox sağ olun” deyirəm. Çünki ilk dəfə olaraq dediniz ki, Azərbaycan inkişaf etmiş ölkədir. Bunu qeyd eləməyiniz mənə çox xoş oldu. Siz mülkiyyət haqqında sualınıza özünüz cavab verdiniz. O biri sualınızla bağlı isə mən deyə bilərəm ki, dünyada elə bir şirkət tapmazsan ki, yalnız kəşfiyyat işlərinə 110 milyon dollar pul qoysun. Həm də bu şirkətlər hələ bilmirlər ki, nəticə necə olacaq. Valeh müəllim çıxışında dedi ki, bizdə hələ təsdiq olunmuş ehtiyatlar yoxdur. İlyas İsmayılov.

İ. İsmayılov. Təşəkkür edirəm. Mən deputatların əhvali-ruhiyyəsini görürəm, ona görə çox danışmaq istəmirəm. Ancaq bir təklifim var. Bizim geologiya sahəsində çox görkəmli alimlərimiz var. Bu yataqların müəyyən hissəsini də onlar kəşf ediblər. Elə hesab edirəm ki, bu yataqlar istismara veriləndən sonra, onlar yaddan çıxarılmamalıdırlar. Onların həyat və fəaliyyətlərinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır. Onların haqqında kitablar yazılmalı, kinolar çəkilməlidir. Biz bu təcrübəni yaratmalıyıq. Bu bir çox ölkələrdə, məsələn, qonşu Gürcüstanda var. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, bu sazişə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 97
Əleyhinə 7
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Hörmətli deputatlar, əgər etiraz etmirsinizsə, tənəffüssüz işləyək. Etiraz yoxdur, çox sağ olun. Gündəliyin ikinci məsələsi “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə idxal edilən təhlükə potensiallı məhsulların gigiyena baxımından qiymətləndirilməsində qarşılıqlı fəaliyyət qaydası haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, Azərbaycan dövləti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərlə bütün sahələrdə əlaqələrə, xüsusi ilə də iqtisadi sahədə əməkdaşlığa xüsusi önəm verir. Saziş MDB dövlətlərinin ərazilərində istehsal olunaraq idxal edilmiş potensial təhlükəli məhsulların gigiyenik cəhətdən qiymətləndirilməsi qaydalarının hazırlanmasını, onların təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş razılaşdırılmış təşkilati, profilaktik, sanitar-epidemioloji tədbirləri əks etdirir. Saziş ölkəmizin NDB təşkilatı çərçivəsində çoxsahəli əlaqələrinin ruhuna tam şəkildə cavab verir. Hörmətli millət vəkilləri, bu sazişin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Başqa təklif yoxdur ki?

Yerdən.
(Eşidilmir.)

Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Gündəliyin 3-cü məsələsi “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında geodeziya, kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimova söz verilir.

E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında geodeziya, kartoqrafiya, kadastr, yerquruluşu, geoinformasiya sistemləri və Yerin məsafədən tədqiq edilməsi sahəsində əməkdaşlıq haqqında” Saziş sizin müzakirənizə təqdim edilib. Yəqin ki, hörmətli həmkarlarımın hamısı sazişlə tanış olublar. Tərəflər arasında əməkdaşlığın bütün istiqamətləri qanunda göstərilib və saziş 5 il müddətinə bağlanılır. Üstəlik, onu da qeyd etmək istəyirəm ki, bu sazişin səmərəli fəaliyyəti üçün artıq Azərbaycanda lazımi qanunvericilik bazası yaradılmışdır. Hələ 1998-ci ildə Aqrar siyasət daimi komissiyasının deputatlarının təşəbbüsü ilə “Geodeziya və kartoqrafiya haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının qanunları hazırlanmış və qəbul edilmişdir. Ona görə də komissiya hesab edir ki, bu sazişin təsdiq edilməsi məqsədəuyğundur. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu sazişə səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Gündəliyin 4-cü məsələsi Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqındadır. Səməd Seyidov, buyurun.

S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son zamanlar Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında ikitərəfli əlaqələr getdikcə inkişaf edir. Xüsusi ilə Azərbaycan Respublikası Prezidentinin Polşa Respublikasına səfəri və Polşa Respublikası Prezidentinin Azərbaycana səfəri və hörmətli cənab Sədr, Sizin Polşa Respublikasına səfəriniz Azərbaycanın bu istiqamətdə gördüyü işlərdəndir.

Azərbaycan Respublikası Prezidentinin və Polşa Respublikası Prezidentinin 2007-ci il mart ayının 30-da Bakı şəhərində imzalanmış birgə bəyannaməsi bu inkişafa əyani sübutdur. Bu inkişaf hər iki dövlət, hər iki millət üçün əhəmiyyətlidir. Hazırda Polşa bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycan Polşanın enerji layihələrində yaxından iştirak edən və dəstək verən dövlətlərdən biridir. Təbii olaraq, bəyannamənin hər bir bəndinə komissiya müsbət fikrini bildirmişdir. Mən millət vəkillərindən xahiş edirəm ki, bu sənədə səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Qüdrət Həsənquliyev.

Q. Həsənquliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən məsələyə çox qısa şəkildə münasibətimi bildirmək istəyirəm. Biz bu cür bəyannamələri Milli Məclisdə ratifikasiya etməklə buna qanun qüvvəsi veririk. Dövlətlər bununla əlaqədar müəyyən öhdəliklər götürürlər. Bizim belə bir digər birgə bəyannamə Gürcüstanla bağlı olub və biz bunu ratifikasiya eləmişik.

Oqtay müəllim, istəyirəm ki, NATO Parlament Assambleyasının iclasında baş verən bir məsələ barədə millət vəkillərinin və Sizin məlumatınız olsun. Gürcüstan Parlamentinin spikeri Nino Burcanadze plenar iclasda çıxış edəndə ona Polşadan olan bir nümayəndə sual verdi ki, Kosovo probleminin həlli variantı digər dondurulmuş münaqişələrə tətbiq oluna bilərmi? Spiker bildirdi ki, bunu Dnestryanı respublikaya və Gürcüstandakı münaqişələrə tətbiq eləmək olmaz. Amma o, Dağlıq Qarabağla bağlı bir kəlmə də danışmadı. Baxmayaraq ki, Gürcüstanla bizim aramızda imzalanmış bəyannamədə bu problemlərin dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunması ilə bağlı müddəa var. Ona görə də biz – Azərbaycan nümayəndə heyəti kəskin etirazımızı bildirdik, amma, hesab edirəm ki, bu, yetərli deyil. Bizim Xarici İşlər Nazirliyi bununla bağlı nota verməlidir. Bu fikri deyən adam adi bir deputat deyil, qanunverici orqanı təmsil edən rəsmi bir şəxsdir. Dövlətin adından çıxış eləyən şəxslər niyə bu cür mövqe sərgiləyirlər?

Hələ mən başqa məsələləri demək istəmirəm. Bunlar mənəvi məsələlərdir. Bu adam bildirir ki, Gürcüstan Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya çatdırılmasında müstəsna rol oynayır. Amma bir kəlmə də olsun qeyd eləmir ki, enerji daşıyıcıları Xəzəryanı ölkələrdən hansına məxsusdur. Sonra deyir ki, Gürcüstan blokadaya alınmışdı, çox ağır vəziyyətdə idilər, infrastrukturları dağılmaq ərəfəsində idi. Amma demir ki, onların bu vəziyyətdən çıxmasına hansı ölkə kömək elədi. Mən bu məsələləri ona görə qeyd edirəm ki, Gürcüstan qonşu respublikadır. İkili görüşlər zamanı dostluqdan, qardaşlıqdan danışırlar. Hamımız gördük ki, mərhum Prezident Heydər Əliyevin büstünün açılışında Saakaşvili necə çıxış etdi. Amma di gəl ki, belə beynəlxalq tədbirlərdə vəziyyət tamamilə başqa cür olur. Biz orada da bildirdik ki, bunun başqa adı yoxdur, bu, ləyaqətsizlikdir, simasızlıqdır. Mən hesab edirəm ki, bu məsələyə dövlət səviyyəsində yanaşılmalıdır. Parlamentin rəhbərliyi Gürcüstan Parlamentindən bu məsələyə münasibət bildirməyi tələb eləməlidir. Bizim Xarici İşlər Nazirliyi də bununla bağlı nota verməlidir. Sağ olun.

Sədrlik edən. Mən sizin nəzərinizə çatdırım ki, xəbərim var, bu barədə söhbətimiz olub. Bəzi çıxışlar da səslənir ki, Gürcüstan neft idxal eləyən ölkədən ixrac eləyən ölkəyə çevrilib. Bu sözləri bəlkə sevindiklərindən çox deyiblər. Ancaq onlar hər yerdə deyiblər ki, neft Azərbaycanındır. Bu məsələni çox kəskinləşdirmək lazım deyil. Yeri gələndə hər kəs birinci özü haqqında fikirləşir, qonşusu yadından çıxır. Bununla mən razıyam, amma xahiş edirəm, bunu çox şişirtməyək. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəliyin növbəti məsələsi Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsinin 24-cü və 25-ci maddələrinə edilmiş dəyişikliklərin təsdiq edilməsi haqqındadır. Hadi Rəcəbli, buyurun.

H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.

Sağ olun, hörmətli Oqtay müəllim. Azərbaycan dünyaya sürətlə inteqrasiya edir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq artıq göz önündədir. Biz Beynəlxalq Əmək Təşkilatı ilə, Beynəlxalq Valyuta Fondu ilə, YUNİSEF-lə və digər qurumlarla əməkdaşlıq edirik. Belə təşkilatlardan biri də Ümumdünya Səhiyyə Təşkilatıdır. Sevindirici hal nədən ibarətdir? Bu il may ayının 17-si Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının ali orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 60-cı sessiyası keçirildi. Hamımız televiziyadan bunu müşahidə elədik. Həmin sessiyada bizim deputat həmkarımız Mehriban xanım Əliyevaya ilk dəfə olaraq səhiyyə sahəsində xidmətlərinə görə Doğramacı Fondunun xüsusi mükafatını verdilər. Bu bir daha göstərir ki, Azərbaycan əksər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bunlardan biri də nizamnaməsinə düzəliş etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatıdır. İki düzəlişdir. Bunlar 24-cü və 25-ci maddələrə edilən düzəlişlərdir. Əsasən, texniki xarakterli düzəlişdir. “Dövlətlər” əvəzinə “şəxslər” yazılır. Hesab edirəm ki, bu düzəlişə hamımız səs verərik. Diqqətinizə görə minnətdaram.

Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 6-cı məsələsi “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında (Kreditlərin zəmanət fondunun yaradılması) Sazişinin təsdiq edilməsi barədədir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında maliyyə əməkdaşlığı haqqında Saziş iki dövlət arasında bərabərlik və qarşılıqlı fayda əsasında iqtisadi münasibətlərin möhkəmləndirilməsinə, maliyyə əməkdaşlığının inkişaf etdirilməsinə xidmət edir. Layihənin məqsədi kiçik və orta sahibkarlar üçün uzunmüddətli kreditlər əldə etmək imkanını təmin etmək məqsədi ilə zəmanət fondu vasitəsi ilə beynəlxalq kapital bazarından yerli banklara vəsaitlərin cəlb edilməsidir. Bu məsələyə komissiyada baxılıb, müsbət münasibət bildirilib. Sizdən xahiş edirəm ki, bu sazişə səs verin. Sağ olun.

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.


Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəlikdəki növbəti 9 məsələ Tacikistan Respublikası ilə bağlanan müqavilə və sazişlərdir. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı Səməd Seyidov məlumat verəcək. Buyurun.

S. Seyidov. Çox sağ olun, cənab Sədr. Tamamilə düz buyurdunuz, Tacikistanla bağlı sənədlər Milli Məclisə cənab Prezident tərəfindən təqdim olunmuşdu. Onlardan birincisi “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədədir. Bu sənəd 2007-ci il martın 15-də Düşənbə şəhərində Azərbaycan Respublikasının Prezidenti və Tacikistan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır. Çox vacib və əhəmiyyətli sənəddir. Ona görə ki, Orta Asiya ilə münasibətlərimiz getdikcə inkişaf edir. Başqa ölkələrlə – Qazaxıstanla, Türkmənistanla, Özbəkistanla bu sahədə münasibətlərimiz geniş idi, Tacikistanla isə indi başlayır.

Çox sevindirici haldır ki, paket şəklində hər bir sahəni əks etdirən müqavilələr bu gün parlamentin müzakirə obyektinə çevrilir. Onlardan birincisi dostluq və qarşılıqlı əməkdaşlıq haqqındadır. Bütün beynəlxalq sənədlərə – Azərbaycanın və Helsinki Yekun Aktına, Yeni Avropa üçün Paris Xartiyasına uyğun olan bir sənəddir. Ona görə komissiya həm bu sənədə, həm də bütün başqa sənədlərə müsbət fikrini bildirmişdir. Mən bu gün komissiyanın adından millət vəkillərindən xahiş edirəm ki, bu sazişə səs versinlər. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

8-ci məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Əli Hüseynov, buyurun.

Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.

Çox sağ olun, cənab Sədr. Artıq həmkarım Səməd müəllim qeyd etdi, Tacikistan və Azərbaycan arasında dostluq müqaviləsinin, o cümlədən digər sazişlərin imzalanması iki dövlət arasında dostluq münasibətlərini gələcəkdə inkişaf etdirmək məqsədini güdür. Təbii ki, dövlətlərin vətəndaşlarının qarşılıqlı surətdə gediş-gəlişinin hüquqi tənzimlənməsi də bu münasibətlərdən ötrü vacibdir. Bu baxımdan “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Saziş zəruridir. Millət vəkillərindən bu sazişə səs verməyi xahiş edirəm. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: qəbul edildi


Çox sağ olun, qəbul edildi.

9-cu məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq burada qeyd olundu, Azərbaycan ilə Tacikistan Respublikası arasında iqtisadi həyatın bütün sahələrində əməkdaşlıq yeni mərhələyə gəlib çıxıb. Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş də bu məsələyə xidmət edir. Sazişin əhəmiyyəti barədə çox danışmaq istəmirəm. Hesab edirəm ki, sazişin təsdiqi hər iki dövlət arasında investisiya münasibətlərinin təkmilləşməsinə xidmət edəcəkdir. Sağ olun.

Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Gündəliyin 10-cu məsələsi “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Saziş iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək, gücləndirmək, habelə əmtəə və xidmətlərin mübadiləsini təşkil etmək məqsədi ilə bağlanmışdır. Razılığa gələn tərəflər öz aralarında ticarət əlaqələrinin inkişaf etdirilməsi və gücləndirilməsi üçün qanunvericiliklərinə uyğun olaraq bir-birinə ən əlverişli şərait və şərtlər tətbiq edəcəklər. Sazişin əhəmiyyətini nəzərə alaraq ona səs verməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri
(saat 14.15 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 11-ci məsələsi “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Tacikistan və Azərbaycan arasında bağlanmış bu saziş iki ölkə arasında gömrük münasibətlərinin və gömrük məsələləri üzrə qarşılıqlı yardımın inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Sazişin əhəmiyyəti ondan ibarətdir ki, hər iki dövlət qarşılıqlı informasiya mübadiləsi edir. Gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, təsdiq edilməsi və ona qarşı mübarizə aparılması məqsədi ilə hər iki tərəf bir-birlərini zəruri məlumatlarla təmin edəcəkdir. Saziş çox mühüm əhəmiyyət kəsb etdiyi üçün ona səs verməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəlikdəki 12-ci məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti iki dövlət arasında iqtisadi və ticarət əlaqələrində texniki maneələri aradan qaldırmaq, beynəlxalq və regional təşkilatların standartlaşdırma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində qəbul etdiyi prinsip və normalara əsaslanaraq bu sahədə əməkdaşlığı inkişaf etdirmək üçün bu sazişi imzalamışlar.

Sazişə görə tərəflər standartlaşdırma, metrologiya, sertifikatlaşdırma üzrə qanunvericilik, normativ və metodik sənədlərin işlənib hazırlanmasında, standartlaşdırma, metrologiya, sertifikatlaşdırma milli sistemlərinin sonrakı inkişafı və harmonizasiya olunmasında əməkdaşlığı və qarşılıqlı fəaliyyəti həyata keçirəcəklər. Ümumiyyətlə, bu sahədə beynəlxalq standartlara uyğun gələn normativlərin işlənib hazırlanmasına və əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq bu sazişə müsbət münasibət bildirməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

13-cü məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dəmir yolu nəqliyyatı sahəsində birgə fəaliyyətin əlaqələndirilməsində mühüm rol oynayan saziş bərabər hüquqi tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq bağlanmışdır. Bu saziş hər iki ölkənin ərazisində tranzit və birbaşa beynəlxalq dəmir yolunun, yük və sərnişin daşınmalarının inkişafında vacib rol oynayacaq. Sazişin əhəmiyyətini nəzərə alaraq ona səs verməyinizi rica edirəm. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri
(saat 14.19 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəlikdəki 14-cü məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Saziş hər iki dövlət arasında nəqliyyat sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradır. Saziş hər iki dövlətin ərazilərində tranzit və avtomobil əlaqələrinin gələcək inkişafına yardım edəcəkdir. Sazişə uyğun olaraq tərəflərin dövlətləri arasında və onların ərazilərindən tranzitlə, həmçinin üçüncü ölkəyə (ölkədən) sərnişin və yük daşımaları tərəflərdən birinin dövlətinin ərazisində qeydiyyata alınmış avtonəqliyyat vasitəsi ilə həyata keçiriləcəkdir. Sazişdə digər maddələr də nəzərdə tutulmuşdur ki, bu da bütövlükdə beynəlxalq avtomobil əlaqələrinin inkişafına yardım edəcəkdir. Sazişə müsbət münasibət bildirməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Gündəlikdə duran növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Hava əlaqəsi haqqında saziş hər iki dövlət arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcək. Bu sazişin bağlanmasında məqsəd hər iki dövlətin müvafiq əraziləri arasında və onların hüdudlarından kənarda hava əlaqəsini yaratmaqdır. Sazişin müsbət cəhətlərindən biri daşınma hüquqlarının verilməsidir. Belə ki, hər bir razılığa gələn tərəf beynəlxalq hava daşımalarını yerinə yetirmək üçün digər tərəfə müvafiq hüquqlar verəcəkdir. Sazişin əhəmiyyətini nəzərə alaraq ona səs verməyinizi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.22 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94

Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsinə keçirik. Eldar Quliyev, buyurun.

E. Quliyev, Milli Məclisin Aqrar siyasət daimi komissiyası sədrinin müavini.

Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti çox hörmətli cənab İlham Əliyev tərəfindən Konstitusiyanın 96-cı maddəsi rəhbər tutularaq “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. 2006-cı ildə qəbul edilmiş “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun dövlət fitosanitar nəzarəti xidmətinin vəzifələrindən bəhs edən 9.0.2-ci maddəsindən “istehsalına dair proqramlar hazırlamaq və onların” sözlərinin və pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyəsi sahəsində dövlətin vəzifələrindən bəhs edən 28.1.1-ci maddəsindən “Azərbaycan Respublikasında pestisidlərin və bioloji preparatların istehsalı üzrə dövlət proqramı hazırlayıb təsdiq etmək və onun həyata keçirilməsini təmin etmək” ifadəsinin çıxarılması təklif olunur.

Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda Azərbaycan Respublikasında pestisidlərə və bioloji preparatlara tələbat 1000 tondur. Azərbaycanda pestisidlərin və bioloji preparatların istehsalı üçün zavod yoxdur. Belə bir zavodun istehsal gücü isə minimal olaraq 6–7 tondur. Bununla yanaşı, pestisidlərin və bioloji preparatların istehsalı üçün bioloji və kimyəvi maddələr tələb olunur ki, bunlar da xaricdən gətirilməlidir. Bildiyiniz kimi, bu zavodlar həm Rusiyada, həm də Türkiyədə var. Ona görə belə bir zavodun yenidən Azərbaycanda tikilməsini səmərəsiz hesab edirik. Millət vəkillərindən bu dəyişikliklərə səs vermələrini xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri
(saat 14.22 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi


Çox sağ olun, qəbul edildi.

Gündəliyin növbəti məsələsi “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədədir. Hadi Rəcəbli, buyurun.

H. Rəcəbli. Hörmətli Sədr, bu düzəlişin mahiyyətində bir fikir durur. Dünyada turizmlə bağlı olaraq daha çox rekreasiya obyektlərindən istifadə edirlər. Bunlar meşələr, mədəniyyət obyektləri və tarixi obyektlərdir. “Rekreasiya” sözünün mənasını bilmək lazımdır. “Rekreasiya” sözü latın dilində istirahət deməkdir. Ona görə “turizm və rekreasiya zonaları” ifadəsini “Əsas anlayışlar”a əlavə edirik. Orada hər şey aydın şəkildə yazılıb. Mən hesab edirəm ki, bu düzəlişin edilməsinə ehtiyac var, çünki Azərbaycanın gələcək perspektivində turizm və rekreasiya zonalarının inkişafına xüsusi diqqət yetiriləcək. Deputat həmkarlarımdan xahiş edirəm ki, bu dəyişikliyə səs versinlər. Sağ olun.

Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.26 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Nəhayət, gündəlikdəki sonuncu məsələ “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Yevda Abramov, buyurun.

Y. Abramov, Milli Məclisin İnsan hüquqları daimi komissiyası sədrinin müavini.

Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında qanun layihəsi təqdim olunub. Bu qanuna dəyişiklik edilməsi qanunvericilik sisteminin təkmilləşdirilməsi, normativ hüquqi aktlar arasındakı uyğunsuzluqların aradan qaldırılması məqsədini daşıyır. 2006-cı il oktyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Rabitə haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Qanun qəbul edilmişdir. Məhz bununla əlaqədar olaraq “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Müzakirənizə təqdim olunan layihə sözü gedən dəyişikliyi özündə ehtiva edir. Hesab edirəm ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsini nəzərdə tutan bu layihənin qəbul edilməsi məqsədəmüvafiqdir. Ona görə də deputat həmkarlarımdan bu dəyişikliyə müsbət rəy vermələrini xahiş edirəm. Sağ olun.

Yerdən.
(Eşidilmir.)

Sədrlik edən. Bu, texniki dəyişiklikdir, İlyas müəllim. Buyurun.

İ. İsmayılov. Bu məsələ hər dəfə qalxır. Mən hesab edirəm ki, birbaşa qüvvədə olma barədə müddəanı sahə qanunlarına aid etmək olmaz. Bu, qanuna hörmətsizlikdir. Mən təklif edirəm, bu çıxarılsın.

Sədrlik edən. Bunun dəyişikliyə nə dəxli var?

İ. İsmayılov. 5-ci maddədə göstərilib. Ümumiyyətlə, buradan çıxarılmalıdır.

Sədrlik edən. Burada bir söz dəyişdirilib. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.29 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Hörmətli deputatlar, gələn iclasın vaxtı barədə sizə məlumat veriləcək. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi