2007-ci il 16 iyun tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
VI SESSİYASI İCLASININ



PROTOKOLU № 56


Milli Məclisin iclas salonu.

16 iyun 2007-ci il. Saat 12.


Milli Məclisin Sədri
O. Əsədov sədrlik etmişdir


İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Azər Cəfərov, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü.

Hüseynov Azər,

Mahmudov Tapdıq,

Rəsulbəyova Nigar,

Yusifov Şahin,

Abdinbəyov Abid,

Ağayev Rəşadət,

Bəktaşi Səadət,

Dadaşov İlqar,

Dəmirov İlqar,

Əliyev Ələsgər,

Əsədov İlham,

Hüseynov Mirpaşa,

Hüseynov Sərvət,

Xələfov İlqar,

Xəlilov Hilal,

İsgəndərov Akif,

İsmayılov İsa,

Qoldman Tatyana,

Quliyev Gündüz,

Mayılov Ülvi,

Məmmədov Qail,

Məmmədov Saqi,

Mirzəyev Rəhman,

Mirzəyev Sahibxan,

Nağıyev İman,

Nağıyeva Elmira,

Nəbiyev Etibar,

Seyfəliyev Əli,

Seyidova Səriyyə,

Səfərov Rəsul,

Səfərov Rizvan,

Səmədov Tofiq,

Tağızadə Mirzə,

Talıbov Hüseyn,

Vəliyev İsmayıl,

Əliyev Fikrət,

Həsənov Qədir,

Məhərrəmli Rəşid,

Məmmədov Çingiz,

Məmmədov Rafiq,

Muradov Ceyhun,

Rüstəmov Əsədulla,

Cavadov Yusif,

Həmidov Həmid,

Həsənov İlham,

İsgəndərov Rasim,

Kərimov İkram,

Nəsibov Nazim,

Zeynalov Mübariz,

Ağayev Valeh,

Əhmədov Əhməd,

Əsgərov Qürbət,

Hüseynova Təranə,

Kərimov Fərhad,

Nurməmmədov Əhməd,

Süleymanov Saleh,

Babayev Qədim,

Burcayev Ramazan,

Kərimov Qəzənfər,

Quliyev İnşallah,

Məmmədov Namiq,

Rəhimov Elman,

Rəhimov Kamil.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

2. Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

3.Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

4. Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

5. Əli Bayramlı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

6. Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad etmə haqqında.

8. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad etmə haqqında.

9. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi vəzifəsindən azad etmə haqqında.

10. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.

11. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.

12. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə.

13. “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.

14. Azərbaycan Respublikasının bayramları ilə əlaqədar “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun icrası ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında.

15. “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə.

16. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.

18. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə.


İclasda qəbul edilmişdir:


1. “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

2. “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

3. “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

4. “Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

5. “Əli Bayramlı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

6. “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

7. “Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad etmə haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

8. “Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad etmə haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

9. “Azərbaycan Respublikası İqtisad Məhkəməsinin hakimi vəzifəsindən azad etmə haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.

10. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

11. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

12. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

13. “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

14. Azərbaycan Respublikasının bayramları ilə əlaqədar “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun icrası ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

15. “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

16. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

17. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

18. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O. ƏSƏDOV



MİLLİ MƏCLİSİN İCLASI

16 iyun 2007-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.04 dəq.)

İştirak edir 100

Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik. Bildiyiniz kimi, bu gün növbədənkənar sessiyanın son iclasıdır. Gündəlik sizin hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 12.05 dəq.)

Lehinə   99
Əleyhinə   0
Bitərəf   0
Səs vermədi   1
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Müzakirəyə ehtiyac yoxdur ki? Sabir Rüstəmxanlı.

S. Rüstəmxanlı. Sabahınız xeyir olsun, hörmətli Sədr, hörmətli Milli Məclis! Bizim yarım illik fəaliyyətimiz başa çatır. Yay tətili ərəfəsində bizi narahat eləyən bir neçə məsələyə bir daha münasibətimizi bildirmək zərurəti yaranır. Mən də fürsətdən istifadə edib iki məsələyə toxunmaq istəyirəm. Bunlardan biri bizim seçildiyimiz, təmsil elədiyimiz kənd camaatının taleyi ilə bağlıdır.

Azərbaycanın indiki iqtisadi durumunda əhalinin sosial baxımdan ən az müdafiə olunan hissəsi kənd camaatıdır. Bunun narahatlıq doğuran bir nümunəsi, – son zamanlar mənə olan müraciətlərdə də deyildiyi kimi, – əhalinin öz yetişdirdiyi məhsulu bazara çıxara bilməməsi ilə bağlıdır. Vaxtilə, hələ sovet dövründə Azərbaycanda bir tədarük sistemi var idi. Dünən, srağagün görüşdüyüm dağ rayonlarında mənə deyirlər ki, Sabir müəllim, torpaqlardan istifadə edə bilmirik, amma mal-qara artır. Mal-qaranı otarmağa yer yoxdur.

Azərbaycanda tədarük sistemi bütövlüklə ləğv olunur. Bazarı xarici mallarla, əhalini vaxtı keçmiş köhnə ət məhsulları ilə təmin eləyən müəyyən şirkətlər, müəyyən qüvvələr Azərbaycanın yetişdirdiyi malların tədarükünə imkan vermir. Camaat yalnız bazarın ümidinə qalıb. O bazarın da bunun öhdəsindən gəlməsi mümkün olan şey deyil. Belə olan halda biz kənd təsərrüfatının inkişafını necə müəyyənləşdiririk? Camaatın mal-qarası əlində, tədarük eləyə bilmir, ancaq elə-belə, kortəbii şəkildə bazara çıxarıb satır. Biz isə hansısa statistik məlumat əsasında kənd təsərrüfatının və mal-qaranın inkişafından danışırıq. Ona görə mən hesab edirəm ki, hökmən Azərbaycanda tədarük sistemi bərpa olunmalıdır. Biz öz malımızı, daxili bazarımızı qorumasaq, ancaq xaricin ümidinə respublikanın kənd təsərrüfatını hara aparıb çıxara bilərik.

İkinci məsələ də zəruri məsələdir. Bu, köhnə elat yolları ilə bağlıdır. Vaxtilə arandan yaylağa müəyyən yollar vardı ki, indi o dağları bizim əlimizdən alıblar. İndi bilirsiniz, aran-yaylaq yolları, – torpaqlar özəlləşir, rayonlar inkişaf edir, – bu yollar bağlanır. Camaat arandan yaylağa, yaylaqdan arana gedəndə yollarda yüzlərlə maneə ilə rastlaşır. Savaş da olur, dalaşma da olur, cinayət də törədirlər. Ona görə hesab edirəm ki, elat yollarının qorunması, əhalinin müvəqqəti köç marşrutlarının müəyyənləşməsi çox mühüm bir işdir. Nazirlər Kabinetinə tapşırmaq lazımdır ki, bu işlə bağlı müvafiq bir sənəd hazırlasın. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Elmira Axundova buyursun.

E. Axundova.
Sağ olun, hörmətli Sədr. Mən yol hərəkəti qaydalarına ciddi əlavələrin edilməsi, ümumiyyətlə, yol təhlükəsizliyi qaydalarının sərtləşdirilməsinin zəruriliyi haqqında danışmaq istərdim. Bilirsiniz ki, son illərdə yol-nəqliyyat qəzalarının nəticəsində həlak olan insanların sayı kəskin surətdə artmaqdadır. Hər gün radio-televiziya bizə dəhşətli qəzalar, qurbanlar haqqında məlumat verir. Ən dəhşətlisi də odur ki, bu qurbanlar arasında cavanlarımız daha çoxdur.

Ona görə təklif edərdim ki, payız sessiyasında “Yol hərəkəti qaydaları haqqında” Qanuna ciddi əlavələr edək. Əvvəla, sürətin həddini aşmasına və təhlükəsizlik kəmərlərinin taxılmamasına görə cərimələr xeyli artırılmalıdır. Bu qanunsuzluğu aşkar etmək məqsədi ilə bizim yol və traslarımızda külli miqdarda radarlar qoyulmalıdır.

İndiki Fransa Prezidenti Nikolya Sarkozi bir neçə il bundan qabaq daxili işlər naziri olarkən belə bir tədbir gördü. Fransanın magistral yollarında az qala hər kilometrdən bir radar qoyuldu və hərəkətin sürəti hər yerdə aşağı endirildi. Fransızlar yüksək cərimələrə məruz qaldılar və bu da cəmiyyətin narazılığına səbəb oldu. Amma növbəti il verilən statistikaya görə yol qəzalarının sayı 10 dəfə azaldı və minlərlə insan öz həyatını qoruyub saxlaya bildi. Biz də belə tədbirlərə əl atmalıyıq. Çünki bu gün cərimələr o qədər də yüksək deyil və “avtoxuliqan”lara təsir etmir.

Bir də, sürücü vəsiqələrinin alınmasına rəy verən tibbi komissiyaların işi bərpa olunmalıdır. Hər bir insan bu komissiyadan keçməlidir. Ümumiyyətlə, sürücü vəsiqələrinin verilməsi məsələsi ciddi nəzarətə götürülməlidir.

Avtomaşınların texniki baxışdan keçməsi prosesi də ciddiləşdirilməlidir. Çünki hazırda bizim şəhər və qəsəbələrimizdə minlərlə köhnəlmiş, nasaz, əhali və ətraf mühit üçün təhlükə yaradan maşın və avtobuslar hərəkət edir. Bu avtonəqliyyatın sahibləri də cərimə olunmalıdırlar. Dövlət Yol Polisi əməkdaşlarının işi daha aydın görünür, amma onlar təkbaşına ümummilli problemin öhdəsindən gələ bilməzlər. Biz onlara yeni səlahiyyətlər verməli və yeni qanunlar üzərində işləməliyik. Başa düşməliyik ki, yollarımızda ciddi qayda-qanun bərpa olunmayınca heç kəs yeni-yeni faciələrdən, bədbəxt hadisələrdən özünü sığortalaya bilməz. Məşhur Amerika yazıçısı Ernest Heminqueyin sözləri ilə desək, sabah bu zəng sənin üçün çalına bilər. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Çox gözəl təşəbbüsdür. Siz özünüz də bunun üzərində çalışın, komissiyada işləyin, baxarıq. Pənah Hüseyn.

P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Mən hal-hazırda bütün dünyada maraqla müzakirə olunan, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı olan Qəbələ RLS-lə əlaqədar yaranmış məsələyə münasibətimi bildirmək istəyirəm. Bu məsələ barədə, yəqin ki, hamının müəyyən məlumatı vardır. Faktiki olaraq bu, Analitik informasiya mərkəzi adlansa da, Azərbaycan ərazisində de-fakto Rusiyanın hərbi bazası kimi fəaliyyət göstərir. Bunun icarəyə verilməsi şərtləri barədə müəyyən mübahisələr mövcud idi. Son dövrlərdə Rusiya dövlət başçısının Amerika Birləşmiş Ştatlarının Prezidentinə bu obyektdən birgə istifadə etmək haqqındakı təklifi, mənə elə gəlir ki, Azərbaycanda daha geniş şəkildə müzakirə olunmalıdır.

Hesab edirəm ki, bu məsələ Milli Məclisin səlahiyyətlərinə aid olduğuna görə Milli Məclis tərəfindən də buna münasibət bildirilməlidir. Xüsusən ona görə ki, bəzi qonşu ölkələrdə müəyyən proseslər gedir. Mən İran İslam Respublikasının parlamentində bu məsələ ilə bağlı aparılan müzakirədə bir sıra İran parlamentarilərinin Azərbaycanın ünvanına səsləndirdikləri hədələrə diqqəti cəlb eləmək istəyirəm. Şübhəsiz ki, Xarici İşlər Nazirliyinin və əlaqədar orqanların bu məsələ barədə ictimaiyyətə və Milli Məclisə müəyyən məlumatları vermələrinə ehtiyac yaranmışdır.

İkincisi, ötən sessiya ərzində Milli Məclisdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, ekspertlərin iştirakı ilə Qarabağ məsələsi barədə müzakirələrin keçirilməsi ilə bağlı təkliflərin səslənməsinə baxmayaraq, çox təəssüf ki, o məsələni həyata keçirmək mümkün olmadı. Bu barədə təmsil elədiyim siyasi düşərgənin, o cümlədən bir sıra qeyri-hökumət təşkilatlarının son mövqelərini bir daha sizin diqqətinizə çatdırıram. Müxalifət partiyaları müvafiq icra hakimiyyəti orqanlarından, Ali baş komandandan tələb edirlər ki, torpaqların azad olunması istiqamətində razılıqla qarşılanan bəyanatlardan işə keçilsin və torpaqlarımızın işğaldan azad olunması üçün real addımlar atılsın. Siyasi partiyalar, o cümlədən müxalifət bu istiqamətdə hər cür iş birliyinə hazır olduğunu bir daha bəyan edir. Bu axırıncı toplantıda ümumi qəbul edilmiş rəy ondan ibarətdir ki, bu məsələ barədə hər hansı bir referendum rədd olunsun.

Sonda jurnalistlərlə bağlı məsələyə qısaca münasibət bildirirəm. Son günlərdə onların piketinin dağıdılması bir daha onların bu məsələdə haqlı olmasına diqqəti cəlb elədi. Hörmətli Oqtay müəllim, Sizdən xahiş edirik ki, bir daha deputatların bu məsələ barədə narahatlığını müvafiq orqanların nəzərinə çatdırasınız və bu sahədə əməli işlər görülməsinə nail olasınız. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Elton Məmmədovun sualı var, buyursun.

E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım və Milli Məclisə dəvət olunan hörmətli hakimlər! Cənab Sədr, bu gün növbədənkənar sessiyanın axırıncı iclasıdır. Gündəliyimiz çox zəngindir. Mən xüsusi ilə vurğulamaq istəyirəm ki, ölkə başçısı tərəfindən ölkəmizdə hüquq islahatları çox uğurla həyata keçirilir. Bu gün də müzakirəmizə hakimlərin təyinatı haqqında məsələ təqdim olunmuşdur. Ona görə mən təklif edirəm ki, işimizi səmərəli qurmaq üçün iclasımızı fasiləsiz keçirək və birbaşa gündəliyə keçək. Fürsətdən istifadə edərək təyinat alacaq hakimlərə gələcək fəaliyyətlərində uğurlar diləyirəm. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. İki nəfər millət vəkili – Fəzail Ağamalı və Qüdrət Həsənquliyev çıxış etmək istəyirlər. Fəzail Ağamalı, buyurun.

F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən çıxışımın əvvəlində qeyd etmək istərdim ki, parlament yaz sessiyasını uğurla başa çatdırmaqdadır. Hörmətli həmkarlarım yaz sessiyasında üzərlərinə düşən vəzifəni uğurla yerinə yetirdilər. Dövlət quruculuğunda deputatların üzərlərinə düşən missiya müvəffəqiyyətlə həyata keçirilib. Son iclasdır, hörmətli həmkarlarım məzuniyyətə çıxacaqlar. Mən onlara yaxşı istirahət, eyni zamanda, möhkəm can sağlığı arzulayıram ki, payız sessiyasında öz işimizi daha yaxşı davam etdirək.

Hörmətli cənab Sədr, bəlli olduğu kimi, son zamanlar Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı Azərbaycan–Ermənistan danışıqlarından çox şeylər gözləyirdi. Təəssüf ki, Ermənistanın bir daha məsələyə konstruktiv yanaşmaması ucbatından irəliləyiş əldə olunmadı və yenə də məsələ növbəti mərhələyə qaldı. Beləliklə, sülh danışıqları yolu ilə məsələnin həllində problemlər yaranmaqda davam edir. Ona görə düşünürəm ki, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti müharibəyə hazırlaşmalıdır. Azərbaycan torpaqları müharibə yolu ilə azad edilməlidir və Azərbaycan cəmiyyəti birmənalı olaraq artıq buna köklənməlidir, buna hazırlanmalıdır.

Bu baxımdan, cənab Sədr, diqqətinizə çatdırmaq istərdim ki, bəlli olduğu kimi, iyul–avqust aylarında büdcə üzərində işlər gedəcək. Burada başlıca diqqət ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə yönəldilməlidir. Büdcənin əsas istiqaməti məhz müharibə yolu ilə torpaqların azad edilməsinə köklənməlidir. Xahiş edirəm ki, mənim bu təklifim müvafiq instansiyalara təqdim olunsun. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.

Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media mənsubları! Mən gündəliklə bağlı təklif vermək istəyirəm. Gəlin, gündəlikdəki 7-ci, 8-ci və 9-cu məsələləri əvvələ keçirək, 1-ci, 2-ci, 3-cü məsələlər kimi müzakirə edək. Ona görə ki, bir qrup hakimin səlahiyyətlərinə xitam verilmədən onların yeni vəzifələrə təyin olunmasını doğru hesab etmirəm. Ola bilsin, bu məsələlərin müzakirəsinin arasında saat fərqi olacaq, amma hər halda doğru olardı ki, biz əvvəlcə hakimlərin əvvəlki səlahiyyətlərinə xitam verilməsinə, sonra isə onların yeni vəzifələrə təyin olunması məsələsinə baxaq. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.

F. Mustafayev. Çox sağ olun, Oqtay müəllim. Mən iki məsələyə toxunmaq istəyirəm. Rusiyanın dövlət başçısı tərəfindən Amerika Birləşmiş Ştatlarının dövlət başçısına Qəbələ RLS-dən birlikdə istifadə eləmək təklif olundu. Burada, ola bilsin ki, Azərbaycanın dövlət maraqları baxımından məqsədəuyğun və məqsədəuyğun olmayan cəhətlər var. Amma təklifin özü Azərbaycan dövləti üçün yaxşı bir tendensiyanın əsasını qoymur. Bu o deməkdir ki, hər hansı bir ölkə Azərbaycan ərazisində bir obyekti icarəyə götürəndə Azərbaycanın rəyini, razılığını almadan ondan birgə istifadə barədə başqa ölkənin başçısına təklif verə bilər. Hesab edirəm ki, bu, doğru bir addım deyil və məsələyə Azərbaycan dövləti səviyyəsində ciddi münasibət bildirilməlidir. Hər halda əgər belə bir razılaşma varsa, çox güman ki, gizli bir razılaşmadır. Mətbuatdan aldığımız informasiyaya əsasən mən bu fikri söyləməyə məcburam.

İkinci məsələ ATƏT-in Parlament Assambleyasının sessiyasında qəbul olunmuş Təhlükəsizlik sektoruna parlament nəzarəti mexanizminin yaradılması ilə bağlıdır. Bu gün yaz sessiyası başa çatır. Hesab edirəm ki, payız sessiyasında bu məsələyə qayıdılmalıdır. Biz bir neçə dəfə bu məsələni qaldırmışıq. Həqiqətən də, millət vəkillərinə gələn şikayətlərin böyük əksəriyyəti hüquq mühafizə orqanlarının, müxtəlif məhkəmə orqanlarının fəaliyyəti ilə, çıxardığı qərarlarla bağlıdır. Buna ən azı bizim müəyyən mənada müdaxilə və bu qanunsuzluğun ortadan qaldırılmasına köməklik etməyimiz üçün mütləq qanunvericilik səviyyəsində bu mexanizm hazırlanmalıdır. Ona görə, Oqtay müəllim, mən təkidlə xahiş edirəm ki, gələn sessiyada bu məsələ ən azı müəyyən sənədlərin hazırlanması baxımından həyata keçirilsin. Bu işə millət vəkilləri də cəlb oluna bilərlər. Bunu həm də beynəlxalq təşkilatlar tələb edirsə, biz bu məsələyə laqeyd yanaşa bilmərik.

Nəhayət, mən də Qüdrət Həsənquliyevin təklifini dəstəkləyirəm. Hesab edirəm ki, həqiqətən, biz hakimləri azad etmədən vəzifəyə təyin etsək, ciddi prosedur pozuntusuna yol vermiş olarıq. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Qəbələ RLS-lə bağlı təzə bir mövzu ortaya çıxıb. Ancaq hələ Qəbələ RLS-i birgə işlətmək üçün nə ABŞ-a verən var, nə də istəyən. Bu bir.

İkincisi, Azərbaycanın xəbəri olmadan bu iş həyata keçirilə bilməz. Putin bu söhbəti edəndə dedi ki, mən söhbət elədim, bu məsələ danışıq mövzusu ola bilər. Xarici işlər naziri çıxış edib dedi ki, biz bununla bağlı üçtərəfli müzakirə apara bilərik. Ona görə də xahiş edirəm, məsələləri bir az şişirtməyək. Bir də ki, Qəbələ RLS hərbi baza deyil. Ona görə istərdim ki, Ziyafət müəllim bu barədə bir balaca izahat versin.

Z. Əsgərov. Təşəkkür edirəm, cənab Sədr. Burada Pənah Hüseyn Qəbələ RLS-in statusu ilə bağlı fikir söylədi. Guya bu, Analitik informasiya mərkəzi olmasına baxmayaraq, əslində, ondan hərbi baza kimi istifadə olunur. Mən hesab edirəm ki, belə bəyanatlara heç bir əsas yoxdur. Bu cür bəyanatlar verib bizə dost olan ölkələrlə münasibətləri soyutmaq kimə lazımdır? Bizim bağladığımız müqaviləyə görə dünən də, bu gün də, gələcəkdə də nəzərdə tutulub ki, Qəbələ RLS-dən ancaq Analitik informasiya mərkəzi kimi istifadə olunsun. Bu, hərbi baza deyil.

Yeri gəlmişkən, srağagün cənab Prezident Yaponiya qəzetinə müsahibəsində də bildirdi ki, Qəbələ RLS Amerika Birləşmiş Ştatlarına icarəyə verilsə belə, yenə də təyinatını dəyişməyəcək. Qəbələ RLS Azərbaycan Respublikasının müstəsna mülkiyyətidir və Azərbaycanın razılığı olmadan heç kəs bu obyektdən istifadə edə bilməz. Yalnız Azərbaycanın razılığı əsasında bu mümkündür. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Pənah bəy, bu o vaxt hərbi obyekt olardı ki, orada raketlər olsun. Əli müəllim, gündəlik təsdiq olunur. Gündəliyin ardıcıllığına təklif olunan dəyişikliyə etiraz yoxdur ki?

Yerdən.
(Eşidilmir.)

Sədrlik edən. Gündəlikdəki ilk 9 məsələ cənab Prezidentin hakimlərin təyinatı ilə əlaqədar göndərdiyi təqdimatla bağlıdır. Mən istərdim ki, Əli müəllim elə bu 9 məsələyə bir yerdə izahat versin. Sonra səsverməni siz deyən istiqamətdə apara bilərik. Əli Hüseynov.

Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hakimlər! Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatı nəticəsində ölkəmizdə qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun mütərəqqi qanun və məcəllələr qəbul edilmiş, əvvəlkindən köklü surətdə fərqlənən məhkəmə sistemi yaradılmışdır.

Bildiyiniz kimi, 2000-ci ildə test üsulu ilə imtahan vasitəsi ilə formalaşdırılmış məhkəmə korpusu fəaliyyətə başlamışdır. Məhkəmələrə müstəsna səlahiyyətlər verilmiş, hakimlərin maddi və sosial təminatı xeyli yaxşılaşdırılmışdır.

Lakin cəmiyyətimizin iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır. Hamımıza məlumdur ki, iqtisadi islahatların uğurunun vacib şərtlərindən biri də müstəqil və effektiv məhkəmə sistemidir. Müasir dövrdə həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də yerli və xarici investorlar məhkəmələrin fəaliyyətinə daha çox diqqət ayrılması marağındadırlar. Bütün bunların nəticəsində müasir dövrdə məhkəmə sistemi iqtisadi inkişaf prosesinin məsul tərəflərindən biri kimi çıxış etməyə başlamışdır.

Bununla əlaqədar məhkəmə islahatı yeni mərhələyə keçmiş, son iki ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ başlamışdır. Belə ki, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum – Məhkəmə-Hüquq Şurası təşkil edilmiş, ilk dəfə yaradılmış Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin Məhkəmə sisteminin müasirləşdirilməsi haqqında 2006-cı il 19 yanvar tarixli Fərmanı isə ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsində və inkişafında dönüş mərhələsi olmuşdur. Belə ki, regional apellyasiya məhkəmələrinin və Ali Ədliyyə Akademiyasının yaradılması istiqamətində başlanılmış işlər, hesab edirəm ki, məhkəmə sisteminin tarixində mühüm mərhələdir.

Azərbaycan Respublikası Prezidentinin digər fərmanı ilə hakimlərin sayı 156 nəfər, təxminən 50 faiz artırılmışdır. Çünki məhkəmələrdə baxılan işlərin sayının 2000-ci illə müqayisədə təqribən 2 dəfə artmasına baxmayaraq, bu vaxta qədər ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına üzv olan ölkələrin siyahısında ən aşağı yerlə xarakterizə olunurdu. Məhz cənab Prezidentin bu fərmanından sonra ölkəmizdə hər 100 min nəfərə düşən hakimin sayı 6 nəfərə çatdırılmışdır ki, bu da bizi Avropa standartlarına xeyli yaxınlaşdırır. Hazırda 485 hakim ştatı mövcuddur.

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində diqqəti cəlb edən budur ki, hakim vəzifəsinə namizədlərin seçimi beynəlxalq standartlara müvafiq olaraq test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarla tam şəffaf şəkildə aparılmışdır. Qeyd etməliyəm ki, bu seçki prosesini izləmiş 30-dan artıq yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarını təmsil edən müşahidəçilər, çoxlu sayda kütləvi informasiya vasitələri imtahanların bütün mərhələlərdə son dərəcə şəffaf və obyektiv keçirildiyini xüsusi vurğulamışlar.

Yeni qaydalara uyğun keçirilmiş bu imtahanlarda müvəffəqiyyət qazanmış 55 namizəd artıq tədris kurslarını da başa vurmuşlar. Məlumat üçün qeyd etmək istəyirəm ki, onların birinci instansiyaya təyinatı qanunvericiliyə müvafiq olaraq cənab Prezidentin fərmanı ilə həyata keçiriləcək. Eyni zamanda, bildirmək istəyirəm ki, ikinci test imtahanları da başlamışdır. İkinci test imtahanlarının ikinci mərhələsini 188 nəfər namizəd uğurla başa vurmuşdur, amma onlar hələ növbəti mərhələlərdən keçməlidirlər.

Nəzərinizə çatdırım ki, həm yeni seçilən hakimliyə namizədlər, həm də mövcud hakim korpusunun nümayəndələri Məhkəmə-Hüquq Şurası tərəfindən müntəzəm olaraq təşkil olunan peşə hazırlığının yüksəldilməsi kurslarına cəlb olunurlar. Xüsusi qeyd etmək istəyirəm ki, tədris kurslarının proqramında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkili və onun məhkəmə təcrübəsində nəzərə alınması mövzusuna xüsusi yer ayrılmışdır. Eyni zamanda, tədris proqramlarına ən aktual mövzular – insan hüquqları, korrupsiyaya qarşı mübarizə və digər bu cür vacib məsələlər salınmışdır. Hakimlərin peşə səviyyəsinin artırılması məqsədi ilə regionlarda da mütəmadi olaraq tədris kursları təşkil olunur. Məlumat üçün bildirmək istəyirəm ki, Avropa Şurası ilə birlikdə tədris üzrə komissiya yaradılmış, Fransa Milli Hakimlər Məktəbi və İspaniya Magistrlər Məktəbi ilə səmərəli əməkdaşlıq qurulmuşdur.

Hörmətli millət vəkilləri, məhkəmə orqanlarının fəaliyyətində əldə etdiyimiz uğurlarla yanaşı, təəssüf olsun ki, nöqsanlar da olmuşdur. Bu nöqsanlar bəzən obyektiv səbəblərlə bağlıdır. Bunların bir hissəsi hakimlərin sayının az olması, hər bir hakimə düşən iş yükünün həddindən çox olması, müasir texniki təminatın çatışmazlığı, əvvəllər hakimlərin peşə hazırlığının artırılmasına kifayət qədər diqqətin göstərilməməsi ilə bağlıdır. Bunlar obyektiv səbəblərdir və qeyd etməliyəm ki, onlar tərəfimizdən həmişə nəzərə alınmışdır və qeyd etdiyim kimi, artıq bu istiqamətdə müvafiq tədbirlərin görülməsinə başlanılmışdır.

Amma bu illər ərzində məhkəmələrin fəaliyyətində vətəndaşların haqlı narazılığına səbəb olan sui-istifadə, süründürməçilik, bəzi hallarda rüşvətxorluq və korrupsiya halları da mövcud olmuşdur. Elə hallar olmuşdur ki, işlərə aylarla, bəzən də illərlə baxılmamışdır. Bir sıra məhkəmə orqanlarında məhkəmə rəmzlərinə və sair tələblərə riayət olunmamışdır. Məhkəmə-Hüquq Şurası tərəfindən aparılmış araşdırmalar onu deməyə əsas verir ki, iqtisadi mübahisələrə, torpaqdan istifadəyə, özəlləşdirməyə, ümumiyyətlə, mülkiyyət hüququna dair işlərə baxılarkən çoxlu sayda qanun pozuntularına yol verilmişdir. Cinayət işlərinə baxılmasında da az da olsa, qanunsuz və əsaslandırılmamış hökmlər olmuşdur.

Təəssüf olsun ki, apellyasiya məhkəməsi instansiyasında bəzən birinci instansiya məhkəmələrinin qanunsuz qərarları qüvvədə saxlanılmış, qanuni qərarlar isə əsassız olaraq ləğv edilmişdir. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, apellyasiya məhkəməsi öz fəaliyyətində işin faktiki tərəflərini araşdırarkən ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş nöqsanları aradan qaldırmağı bacarmalıdır. Hesab edirəm ki, bu illər ərzində apellyasiya məhkəməsi ona göstərilmiş etimadı kifayət qədər doğrulda bilməmişdir.

Bir sıra hallarda müxtəlif instansiya məhkəmələri arasında qeyri- prosessual münasibətlər mövcud olmuşdur. Bu cür qərarların çıxarılmasında hakimlər bəzən şəxsi maraqlarını daha üstün tutmuşlar. Təsadüfi deyil ki, məhkəmə orqanlarındakı mövcud nöqsanlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də müxtəlif tədbirlərdə, o cümlədən sahibkarlarla görüşlərdə bir neçə dəfə səsləndirilmişdir. Hesab edirəm ki, bu tənqidlərdən kifayət qədər ciddi nəticələr çıxarmaq lazımdır.

Hörmətli millət vəkilləri, fəaliyyətə başlayan dövrdən Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərdə məsuliyyət hissinin artırılması, yol verilən nöqsan və pozuntuların qarşısının alınması məqsədi ilə araşdırmalar aparılmış, bu məsələlər daim diqqət mərkəzində saxlanılaraq son 2 il ərzində 77 hakim haqqında intizam icraatı başlanmış, onlardan 56 nəfər haqqında müxtəlif intizam tədbirləri görülmüşdür. Eyni zamanda, yol verdiyi ciddi nöqsan və kobud qanun pozuntularına görə iki hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilmiş, bəzi kollegiya və rayon məhkəmə sədrləri vəzifələrinin icrasından azad olunmuşlar. Bununla yanaşı, mən Məhkəmə-Hüquq Şurasının parlament təmsilçisi kimi tam məsuliyyətlə demək istəyirəm ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barəsində araşdırmaların obyektiv və hərtərəfli aparılmasına xüsusi diqqət yetirilir, hakimlərin müstəqilliyinə hörmətlə yanaşılır, hakimin fəaliyyətində pozuntu müəyyən edilmədikdə icraata xitam verilir. Onu da qeyd etməliyəm ki, ötən müddət ərzində hakimlərin həvəsləndirilməsi sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir. Həm cənab Prezidentin fərmanı ilə, həm də Məhkəmə-Hüquq Şurasının bir neçə qərarı ilə hakimlər təltif olunmuşlar.

Hörmətli hakimlər, hörmətli millət vəkilləri! Son illər respublikamızda aparılan məhkəmə-hüquq islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də xüsusi dəstək verilir. Qeyd etmək istəyirəm ki, hərtərəfli müzakirələr, o cümlədən Dünya Bankının Vaşinqtondakı Baş ofisi ilə aparılmış danışıqlar nəticəsində Azərbaycan üçün ən əlverişli şərtlərlə 21,6 milyon ABŞ dolları məbləğində kreditin verilməsi, habelə bu layihə çərçivəsində Yaponiya hökumətinin 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi göstərməsi razılaşdırılmışdır. Azərbaycan dövləti tərəfindən də əlavə olaraq 11 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Layihədə, əsasən, 17 yeni məhkəmə, o cümlədən yeni yaradılan məhkəmələr üçün müasir tələblərə cavab verən binaların tikintisi və təmiri, bir sıra məhkəmə binalarında texniki cəhətdən müasirləşdirmə işlərinin aparılması, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin ən müasir avadanlıqla təchiz edilməsi məsələləri həllini tapmışdır. Mən hesab edirəm ki, nüfuzlu beynəlxalq təşkilatların bu dəstəyi həm də bizim həyata keçirdiyimiz islahatların düzgün istiqamətdə olduğunu vurğulayan bir məqamdır.

Mən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında qəbul etdiyi 1545 saylı qətnamənin 7.2-ci bəndinə bir daha müraciət edərək qeyd etmək istəyirəm ki, burada bizim tərəfimizdən həyata keçirilən işlərə müsbət qiymət verilməklə yanaşı, yeni seçilmiş hakimlər üçün təşkil olunan imtahanların ədalətli və şəffaf prosedur əsasında keçirilməsi, Avropa Şurası ilə sıx əməkdaşlıq xüsusi vurğulanmışdır. Sözsüz ki, biz fəaliyyətimizdə beynəlxalq təşkilatlarda qeyd olunan müəyyən nöqsanlara diqqət yetiririk və əgər deyilən nöqsanlar əsaslıdırsa, onlardan nəticə çıxarmağa çalışırıq.

Amma təəssüf ki, bəzən bu hesabatlarda qeyri-obyektiv məqamlar da öz əksini tapır. Beynəlxalq Şəffaflıq Təşkilatının 2007-ci ildə “dünyada məhkəmə sistemində korrupsiya halları ilə bağlı” hesabatında belə bir fikir əksini tapıb ki, Azərbaycanda Məhkəmə-Hüquq Şurası guya Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Daha doğrusu, o, icra hakimiyyəti orqanına tabedir. Mən hesab edirəm ki, bu cür əsaslandırılmamış fikirlərə yol vermək lazım deyil və beynəlxalq təşkilatlar da öz hesabatlarında daha obyektiv olmalıdırlar ki, onların hesabatlarından nəticə çıxarmaq mümkün olsun.

Hörmətli millət vəkilləri, məlumat üçün qeyd etmək istəyirəm ki, Məhkəmə-Hüquq Şurasının yaradılması Avropa təcrübəsinə, Avropa Hakimləri Xartiyasının prinsiplərinə uyğun olaraq həyata keçirilmişdir. Bu, müstəqil bir qurumdur. Məhkəmə-Hüquq Şurasını icra hakimiyyəti orqanı ilə əlaqələndirən ancaq Məhkəmə-Hüquq Şurasının fəaliyyəti üçün texniki tədbirlərin həyata keçirilməsidir.

Bildirmək istəyirəm ki, Məhkəmə-Hüquq Şurası artıq hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin bir hissəsini başa çatdırmış, onların yenidən təyin olunması barədə təklifləri cənab Prezidentə təqdim etmişdir. Məhkəmə-Hüquq Şurasının təqdim etdiyi siyahı cənab Prezidentin təqdimatında öz əksini tapmış və yeni təyinatlarla bağlı cənab Prezident artıq parlamentə müraciət etmişdir. Bu müraciət Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının 14 iyun tarixli iclasında hakimlərin iştirakı ilə ətraflı və açıq müzakirə olunmuşdur. Burada qeyd olunmuşdur ki, bəzən məhkəmə hakimiyyətinin fəaliyyətində baş verən nöqsanlar hakimlərin iş yükünün ağırlığı ilə bağlı olur. Təbii ki, bayaq qeyd etdim, bu cür obyektiv səbəblərə diqqətlə yanaşmışıq.

Komissiyanın iclasında belə bir fikir də səslənmişdi ki, qanunvericiliyin mükəmməl olmaması, qanunlarda ziddiyyətlərin və boşluqların olması da hakimlərin işinə maneçilik törədən faktdır. Sözsüz ki, mütərəqqi qanunların qəbul olunması təkcə bizim çıxışlarımızda yox, bir çox beynəlxalq təşkilatların hesabatlarında dəfələrlə vurğulanıb. Qanunvericilikdə mütəmadi olaraq dəyişikliklərin edilməsi təbii bir prosesdir. Çünki zaman inkişaf edir. Təbii ki, bu islahatlar qanunvericilikdə də öz əksini tapmalıdır. Amma başlıca məqam bu deyil. Peşəkar hakim üçün qanunvericilikdə ziddiyyətin və ya boşluğun olması problem ola bilməz. Çünki peşəkar hakim o hakimdir ki, xüsusi norma olmayanda ümumi normaya istinad edir və bu problemi həll etmiş olur. Peşəkar hakim üçün qanunda boşluğun olması problem ola bilməz, çünki Azərbaycanın Konstitusiyası mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasına istinad edərək o boşluğu doldurmaq mümkündür.

Peşəkar hakim üçün qanunvericilikdə ziddiyyətin olmasının başqa həlli yolu var. Azərbaycan Respublikasının Konstitusiyası bu məsələni də həll edir. Konstitusiyamız göstərir ki, insan hüquqları birbaşa qüvvədədir və beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq olunur. Bu o deməkdir ki, əgər hakim qərarı qəbul edərkən, sübutlara qiymət verərkən qanunvericilikdə bu sualların cavabını tapmırsa, Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnu, Avropa Konvensiyasını birbaşa tətbiq edə bilər və insan hüquqlarını müdafiə edə bilər. Ona görə də mən hesab edirəm ki, qanunvericilikdə boşluğun və ya ziddiyyətin olması ilə bağlı fikirlər əsaslı deyil və bu, hüquq elmindən, müasir hüquq düşüncəsindən kənar bir fikirdir.

Hörmətli millət vəkilləri, sizlərin hər birinə cənab Prezidentin təqdimatı ilə yanaşı, hər bir hakim haqqında müfəssəl məlumatlar təqdim olunmuşdur. Ola bilər, bu məlumatların içərisində kiçik qüsurlar var. Yəni bir qədər keçmiş məlumatlar ola bilər. Mən bunları araşdırmışam. Məsələn, vaxtı ilə partiya mənsubiyyəti olan, icra hakimiyyətində çalışmış, amma artıq məhkəmə korpusunda çalışan hakim haqqında məlumatda onun partiya mənsubiyyəti də qeyd olunub. Təbii ki, bunlar kiçik qüsurlardır, köhnə şəxsi işdə göstərilmiş məlumatlardır. Hesab edirəm ki, bu məlumatlar hakimlər haqqında təsəvvür yaratmağa imkan verir. Birmənalı onu qeyd edə bilərəm ki, bu gün cənab Prezidentin təqdimatı ilə Ali Məhkəməyə və apellyasiya məhkəmələrinə təyin olunan hakimlər mövcud hakim korpusunda çalışan və qiymətləndirmədən uğurla keçən peşəkar insanlardır. Təqdimatın 1-ci və 2-ci bəndində Ali Məhkəməyə və regional apellyasiya məhkəmələrinə təyin olunacaq hakimlərin siyahısı verilmişdir.

Yeri gəlmişkən, burada həmkarlarım tərəfindən qaldırılmış bir məsələyə diqqət yetirməliyəm. Belə bir fikir səsləndi ki, bu məsələ prosedura uyğun deyil. Mən həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bizim yeni qəbul etdiyimiz “Məhkəmələr və hakimlər haqqında” Qanuna görə tutduqları vəzifələrdən dəyişdirilmələri üçün hakimlər ərizə ilə müraciət edirlər. Bu prosedur tamamilə qanunamüvafiq olaraq nəzərdə tutulub. Əgər söhbət hakimin sahə müddətinə xitam verilməsindən gedirsə, bu, başqa məsələdir. Burada ondan söhbət getmir. Bu, tamamilə fərqli bir prosedurdur. Ona görə də xahiş edirəm, həmkarlarım bunu nəzərə alsınlar. Əmin ola bilərsiniz ki, bu təqdimatda qeyd olunan bəndlər Konstitusiyamıza və “Məhkəmələr və hakimlər haqqında” Qanuna tamamilə uyğundur. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 97 və 98-ci maddələrinə bir daha müraciət etməyinizi xahiş edirəm.

Bu siyahıda Azərbaycan məhkəmə sistemində uzun illər çalışmış, rəhbər vəzifələrdə olmuş, Məhkəmə-Hüquq Şurasında fəaliyyət göstərən, bir çox tanınmış və nüfuzlu hakimlərimizin adı vardır. Eyni zamanda, gənc, amma peşəkar hakimlərə də etimad göstərilir, onlar yuxarı instansiya məhkəmələrinə tövsiyə olunurlar. Onu da qeyd etməyi özümə borc bilirəm ki, indiyə qədər Bakı şəhərində çalışmış çox təcrübəli və nüfuzlu hakimlərin bir qisminin regional apellyasiya məhkəmələrinə tövsiyə olunmaları təsadüfi deyil. Burada məqsəd regional apellyasiya məhkəmələrində ədalət mühakiməsini daha da möhkəmləndirməkdir.

3-cü bənddə vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar hakim vəzifəsindən azad edilən şəxslər qeyd olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun 98-ci maddəsinə uyğun olaraq öz xahişləri ilə tutduqları vəzifədən azad olunmaqları barədə ərizə ilə müraciət ediblər, birinci instansiya məhkəməsində çalışmaq istədiklərini bildiriblər. Bu bənddə sadalanan hakimlərlə bağlı cənab Prezidentin fərmanı ilə təyinatlar həyata keçiriləcəkdir.

4-cü bənd təyin olunacaq hakimlərin səlahiyyət müddətlərini tənzimləyir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun keçid müddəalarının 8-ci bəndinə uyğun olaraq hakimlərin iş yerinin dəyişdirilməsi onların təyin olunduqları səlahiyyət müddətləri hüdudlarında həyata keçirilir. Bu o deməkdir ki, 2000-ci ildə təyin olunmuş apellyasiya məhkəməsinin hakimlərinin digər məhkəmələrdə fəaliyyəti 3 illə məhdudlaşır. Siyahıda göstərilən digər hakimlərin səlahiyyət müddəti isə “Məhkəmələr və hakimlər haqqında” Qanunun keçid müddəasının 7-ci bəndi ilə tənzimlənəcəkdir.

5-ci bənddə isə hakimlərin təyinatı məsələləri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin qərarının 2007-ci il 16 iyul tarixdən qüvvəyə minməsi təklif olunur. Bu 1 ay müddəti, təbii ki, təşkilati məsələlərin həlli üçün və eyni zamanda, mövcud hakim korpusunda işlərin təhvil-təslimi üçün optimal bir müddətdir. Məhz buna görə də cənab Prezidentin müraciətində bu qərarın 1 aydan sonra qüvvəyə minməsi təklif olunur. Bu 1 ay müddətində birinci instansiya məhkəmələrinin hakimlərinin təyinatı prosesi də başa çatdırılacaqdır. Beləliklə, qərarın 1 aydan sonra qüvvəyə mindiyi gündən etibarən bütövlükdə məhkəmə korpusu fəaliyyətə başlamış olacaqdır.

Məlumat üçün bildirmək istəyirəm ki, regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlamaları üçün Məhkəmə-Hüquq Şurası tərəfindən əlverişli binalar seçilmişdir. Bu gün təyinatı həyata keçiriləcək hakim korpusu ştat cədvəlində nəzərdə tutulan hakimlərin təxminən 50–60 faizini təşkil edir. Bu o deməkdir ki, biz gələn ilin əvvəlinə qədər təyinatları, seçim prosesini davam etdirəcəyik. İkinci test imtahanlarını uğurla başa vurmuş 188 nəfərin də növbəti mərhələləri keçməsi məsələsinə baxılacaqdır. Biz düşünürük ki, bu ilin axırı və ya gələn ilin əvvəlində bütövlükdə seçim prosesi başa çatdırılacaq və yeni hakim korpusu işə başlayacaqdır.

Hörmətli millət vəkilləri, hamımıza məlumdur ki, hüquqi dövlətdə insan hüquq və azadlıqlarının əsas müdafiə mexanizmi məhkəmələrdir. Azərbaycan Respublikası adından qərar çıxaran hakimlər qanuna hörmət və əməl etməlidirlər. Dövlət adından çıxarılan məhkəmə qərarı o qədər əsaslı və qanuni olmalıdır ki, vətəndaş ona hörmətlə yanaşsın. Hakimlər öz yüksək statuslarına uyğun davranmalı, insanların etimadını qazanmalı, yüksək intellektual potensialın daşıyıcıları olmalıdırlar. Hər bir hakim qanunları yaxşı bilməli, vəzifəsinin icrasına məsuliyyətlə yanaşmalı, hakim adına ləkə gətirə bilən hər bir hərəkəti istisna etməlidir. Hakimlər tərəfindən qəbul edilən qərarlar ölkəmizin inkişafına mane olmamalı, dövlətin imicinə xələl gətirməməlidir. Belə olan təqdirdə həm vətəndaşların məhkəməyə inamı artar, həm də ədalət mühakiməsinin effektivliyi bərqərar olar.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, məhkəmələr və hakimlər öz funksiyalarını həyata keçirərkən müstəqil olmalı, nə icra hakimiyyəti, nə də qanunvericilik hakimiyyəti orqanlarının onların fəaliyyətinə müdaxiləsinə yol verməlidirlər. Hakimlər işlərə baxarkən qərəzsizlik nümayiş etdirməli və yalnız qanuna tabe olmalıdırlar. Mən inanıram ki, bu gün həyata keçirdiyimiz islahatlar məhkəmə sisteminin müasirləşməsinə, Azərbaycanda məhkəmə hakimiyyətinin daha mükəmməl formalaşmasına gətirib çıxaracaqdır. İnanıram ki, Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq cənab Prezident tərəfindən Ali Məhkəmənin və regional apellyasiya məhkəmələrinin hakimi kimi şərəfli və məsul bir vəzifəyə irəli sürülmüş şəxslər bu gün parlamentdə də dəstək tapacaqlar. Əmin olmaq istərdik ki, hakimlər öz fəaliyyətləri ilə həm ölkə Prezidentinin, həm də parlamentin etimadını doğruldacaqlar. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Hörmətli millət vəkilləri, artıq çıxış üçün 20 nəfər siyahıya yazılıb. Mən hesab edirəm ki, biz çıxış üçün 5 dəqiqə vaxt müəyyənləşdirsək, yəqin ki, etiraz olmaz. Əvvəlcə sualı olan millət vəkillərinə söz verək. Ziyafət müəllim, buyurun.

Z. Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Əli müəllim, mənim bir sualım var. Burada hörmətli hakimlər əyləşiblər və hakim korpusu ilə bu cür görüşmək imkanı bizdə az-az olur. Mən bilmək istəyirəm, Məhkəmə-Hüquq Şurası Azərbaycan məhkəmələrində Konstitusiyanın və İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasının normalarına istinad edən hakimlərin olması barədə statistik bir araşdırma aparıbmı? Xahiş edirəm, bu suala aydınlıq gətirilsin. Sağ olun.

Sədrlik edən. Sağ olun. Əli müəllim, Sabir Rüstəmxanlının sualını da eşidək, sonra onlara bir yerdə cavab verərsiniz.

S. Rüstəmxanlı. Mən hesab edirəm ki, hakimlik təsisatının və qurumlarının möhkəmlənməsi çox vacib bir məsələdir və biz bu gün təqdim olunan siyahıya, şübhəsiz ki, səs verəcəyik. Mənim iki sualım var. Hakimlərin işinin mühüm bir hissəsi sənədləşmə ilə bağlıdır. İnanıram ki, bu sənədləri, özləri haqqında məlumatları şəxsən təqdim edirlər. Burada bir sıra hakimlər Yeni Azərbaycan Partiyasının üzvləri olduqlarını gizlətməyiblər, yazıblar.

İkinci, bir sıra hakimlər milliyyətini “azərb” yazıblar. Ümumiyyətlə, dünyada “azərb” deyilən bir millət var, yoxsa yoxdur? Azərbaycanlı, Azərbaycan türkü, azər var, amma “azərb” deyilən millət yoxdur. Bir vaxt Bakıda çıxan rus qəzetləri bu sözü tərsinə çevirib “brəza” adlı uydurma bir millət haqqında cəfəngiyat yazırdılar. Xüsusən rusdilli qəzetlərdə bu ənənə var idi. Xahiş edirəm, millətinizin adını yazanda bir az diqqətli olun ki, bunun bir mənası olsun. Bu bizim dilimizin ixtisarı deyil, rus dilindən gələn ixtisardır. Biz indi ondan imtina etmişik, ya “azər” yazılır, ya da “azərbaycanlı”.

İkinci sualım ondan ibarətdir ki, Məhkəmə-Hüquq Şurası necə fikirləşir, bir insan 88–93 faiz suallara cavab verir və testdən uğurlu keçir, amma sonra şifahi sorğuda iki dəfə az suallara cavab verənlər hakim seçilirlər. Yəni demək istəyirəm ki, testdən yaxşı keçənlər seçilmirlər. Bunun səbəbi nədir? Bu, testlərin düzgün təyin olunmamasıdır, yoxsa yenə də köhnə üsulla testləri bir kənara qoyub özlərinə, yuxarı dairələrə yaxın adamların seçilməsidir? Mən istərdim, bu suala aydınlıq gətirilsin.

Sədrlik edən. Sabir müəllim, Siz sual vermədiniz, çıxış elədiniz. Xahiş edirəm, diqqətli olun, sualınız varsa, verin. Sizin birinci sualınıza Əli müəllim çıxışında cavab verdi. Dedi ki, şəxsi işlər veriləndə orada bəzi texniki səhvlər olub. Onu hakimlər verməyiblər, hazırlayanlar günahkardırlar. Yəqin, Milli Məclis Aparatının da günahı var. Sənədlərə baxmayıblar. Buyurun, Əli müəllim.

Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu, Milli Məclisin və Məhkəmə-Hüquq Şurasının günahı deyil, texniki səhvdir. Sabir müəllimin qaldırdığı məsələ, təbii ki, aradan qaldırılacaq, hakimlərin şəxsi işləri, onlar haqqında məlumatlar yeniləşdiriləcəkdir. Heç bir hakim siyasi partiyanın üzvü ola bilməz. Bayaq qeyd etdim, onların bəziləri vaxtı ilə müvafiq dövlət orqanlarında çalışıblar, partiyanın üzvü olublar. 2000-ci ildə hakim təyin olunanda siyasi partiya üzvlüyündən çıxıblar, amma köhnə məlumatlar avtobioqrafiyada qalıb. Texniki düzəlişləri işimizdə nəzərə alacağıq.

Ziyafət müəllim, Siz maraqlı bir sual səsləndirdiniz. Doğrudan da, əgər Azərbaycan hakimləri tərəfindən Konstitusiyanın normalarının və qoşulduğumuz beynəlxalq müqavilələrin tətbiq olunması ilə bağlı statistik araşdırma aparsaq, görərik ki, bu çox az hallarda tətbiq olunur. Təəssüf ki, bu, belədir. Çünki Siz məndən də yaxşı bilirsiniz ki, əgər hakim hər hansı bir qanunvericilikdə bir ziddiyyət, bir boşluq görürsə, onun həlli yolu var. Konstitusiyanın 71-ci maddəsinin VI hissəsinə və 12-ci maddəsinə istinad etməklə istənilən insan hüququnu müdafiə etmək mümkündür.

Avropa məkanında yaşayan hakimlərin əksəriyyəti belə edir, bizim hakimlər də belə etməlidirlər. Təəssüf ki, bu, az hallarda olub. Amma bizim peşəkar hakimlərimiz var, onlar qərarlarında həm qoşulduğumuz beynəlxalq müqavilələri, həm də Konstitusiyanı tətbiq edirlər. Bu çox yaxşı haldır. Onu da qeyd etmək istəyirəm ki, Ziyafət müəllim, cənab Prezidentin 2006-cı il tarixli fərmanında bu məsələlər öz əksini tapmışdır. Biz Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədris kurslarında bu məsələyə xüsusi diqqət yetiririk.

Sabir müəllimin ikinci sualına da cavab vermək istəyirəm. Sabir müəllim, Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar, onların nümayəndələri, milli qeyri-hökumət təşkilatları, Avropa Şurası bizim həyata keçirdiyimiz islahatların testlə bağlı hissəsinə xüsusi qiymət veriblər. Əgər burada bir narazılıq doğuran hal olubsa, o da seçki komitəsi tərəfindən araşdırılıb. Mən gözləməzdim ki, bizim həyata keçirdiyimiz o islahatın bu hissəsi kimdəsə şübhə doğura bilər. Mən tam məsuliyyətlə deyə bilərəm ki, test imtahanları ən mükəmməl formada həyata keçirilib. Seçilmiş namizədlərlə heç bir qeyri-professional münasibətlər qurulmamışdır və bir daha vurğulamaq istəyirəm ki, bu, ictimaiyyətin gözü qarşısında baş vermişdir.

Əvvəlki illərdən fərqli olan bütün bunlar müasir üsullarla həyata keçirilmişdir. Mən Məhkəmə-Hüquq Şurasının üzvü, bir millət vəkili kimi xüsusi olaraq vurğulayıram ki, bizim islahatlar çərçivəsində əldə etdiyimiz ən mühüm uğurlardan biri də budur. Hakimlərin seçimi obyektiv olub, onlar da o cür obyektiv fəaliyyət göstərməlidirlər. Biz yalnız test üsulu ilə seçimlə kifayətlənməmişik. Bu hakimlər 5 ay müddətində tədris kursları keçiblər. Həm Azərbaycanın qanunvericiliyini, həm də beynəlxalq hüququ və beynəlxalq müqavilələri bir daha dərindən öyrəniblər. Habelə onlar Avropa Məhkəməsinin presedent hüququnu dərindən öyrənmişlər, müxtəlif məhkəmələrdə praktika keçmişlər. Ona görə hesab edirəm ki, həyata keçirilmiş bu işin üzərinə kölgə salmaq cəhdi əbəsdir. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Müzakirəyə başlayırıq. Fazil Mustafayev.

F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən bu gün bizə təqdim olunan siyahı üzrə Ali Məhkəmənin və apellyasiya məhkəmələrinin hakimlərinin tərkibi ilə tanış oldum. Etiraf etmək lazımdır ki, bu, daha təcrübəli, ictimai rəydə adı o qədər korlanmamış hakimlərin təyinatı ilə bağlı təqdimatdır. Mən bunu müsbət qarşılayıram. Ola bilsin ki, bir-iki irad ola bilər, amma ümumi halda bu cür tendensiyanın gələcəkdə davam etməsi müsbət bir haldır.

Amma mən digər məqamlara toxunmaq istəyirəm. Söhbət şəxsiyyətlərdən deyil, sistemin necə işləməsindən gedir. Ən müsbət halda belə təyin olunan hakimlərin sabah hansı formada işləyəcəkləri məhz bu sistemin necə işləməsindən asılıdır. Bu da Azərbaycan ədalət mühakiməsi sistemində olan müəyyən çatışmazlıq və nöqsanlarla bağlıdır. Ədalət mühakiməsi sistemi Azərbaycanda hakimiyyət bölgüsü anlayışı içində müstəqil bir qolu təşkil etdiyini sübut etməyə hələlik, məncə, hazır vəziyyətdə deyil. Bunun bir neçə səbəbi var.

Mən bu barədə bir neçə nümunə göstərmək istəyirəm. Azərbaycan məhkəmə sisteminə diqqət yetirsəniz, 2–3 hal göstərmək olar ki, məhkəmələr bəraət hökmü çıxarsın. Bu nə deməkdir? Amerika Birləşmiş Ştatlarının məhkəmələrində bəlkə də 40–50 faiz bəraət hökmü çıxarılır. Bu, məhkəmələrin istintaqın yedəyində getdiyini göstərən əsas göstəricilərdən biridir. İstintaq hər şeyi düzgün həll edibsə, onda məhkəməyə nə ehtiyac var? Hər bir qərarı 1 il, 3 il aşağı salmaqla, yaxud iqtisadi sanksiya və başqa məsələlərlə problem həll olunmur. Bütövlükdə məhkəmə sisteminə daha böyük bir sərbəstlik vermək lazımdır ki, heç olmasa, istintaqın səhvləri burada düzəldilə bilsin. Bu, olduqca vacib bir məsələdir.

İkinci, məhkəmə prosesində vəkillərin iştirakı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Vəkillərin sayı olduqca azdır. Son vaxtlar bu, artırıldı. Amma adi vəkillik peşəsini əldə etmək üçün o qədər sərt prosedurlar qoyulur ki, müəyyən mənada hakim ola bilməyən, hüquq mühafizə orqanlarında çalışa bilməyən hüquqşünaslar belə vəkil olmaqda çətinlik çəkirlər. Bunun özündə də çox əngəllər yaradılır. Bunun qarşısının alınması olduqca vacibdir.

Digər bir məsələ. Birinci instansiya məhkəmələrinin qəbul etdiyi qərarların, demək olar ki, əksəriyyətindən apellyasiya məhkəməsinə şikayət olunur. Yəni artıq birinci instansiya məhkəməsində məsələyə baxışda ciddi problemlər olduğu üçün apellyasiya məhkəmələri o dərəcədə yüklənirlər ki, keyfiyyətli işə baxmaq imkanları, demək olar ki, minimuma bərabər olur. Bunun üzərində düşünmək lazımdır. Birinci instansiya məhkəmələrinin daha keyfiyyətli formalaşması gələcəkdə digər məhkəmələrin fəaliyyətinin inkişafından asılıdır.

Nəhayət, biz hüquqşünasıq, bilirik ki, hər hansı bir fikri deyəndə gərək müəyyən sübuta əsaslanasan. Artıq buna Məhkəmə-Hüquq Şurası üzvü hörmətli Əli müəllim yaxşı təqdimat verdi, amma bunu nəzarətə götürməlidir. Azərbaycanda əhali arasında belə bir rəy formalaşıb ki, hakimlərin çoxu qərarları özü yazmır. Tanış vəkillərə, katiblərə yazdırırlar. Hüquq mühafizə sistemində müstəntiqlər əlavə adamlar tutub onlara qərarları, protokolları – bütün sənədləri yazdırırlar. Bu bir gerçəklikdir. Mən indi faktla nəyi isə demək istəmirəm, istəyirəm ki, bu problem həll olunsun. Məhkəmə-Hüquq Şurası bu məsələ üzərində ciddi nəzarət həyata keçirməlidir ki, savadlı hakim korpusunun formalaşması Azərbaycanda bir ənənəyə çevrilsin. Mən bu gün çox savadlı, təcrübəli hakimlərdən ibarət belə bir tərkibin təqdim olunmasını müsbət qarşılayıram və müsbət rəyimi səsvermədə bildirəcəyəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.

A. Mirzəzadə. Təşəkkür edirəm. Biz bu məsələnin müzakirəsini çoxdan gözləyirdik. Cəmiyyətdə də bu məsələnin müzakirəsi gedirdi. İş burasındadır ki, hakimiyyətin müstəqil qolu olan məhkəmə hakimiyyətinin qısa bir vaxtda formalaşmasına böyük ehtiyac var idi. Bu baxımdan bugünkü məsələnin müzakirəsi, sadəcə olaraq, kimlərinsə vəzifəyə təyinatı deyil. Bu, ümumilikdə, Azərbaycan cəmiyyətində, məhkəmə-hüquq sistemində gedən islahatların növbəti bir mərhələsidir. İndiyə qədər də bu mərhələ gedib və bu o demək deyil ki, indi tapdığımız forma və indiki yanaşmamız artıq qətiləşmiş şəkildədir. Beynəlxalq təcrübədən irəli gələrək gələn təyinatlarda daha çox yeniliklər olacaq. Bu onu göstərir ki, bugünkü iqtidar, indiki Azərbaycan hakimiyyəti məhkəmə qolunun müstəqil olmasında, onun səmərəli fəaliyyət göstərməsində kifayət qədər maraqlıdır. Bu həm cəmiyyətdə toplanan təcrübənin, həm də beynəlxalq təcrübənin ifadə edilməsinə daim dəstək verir.

Hakim korpusunun formalaşması prosesi cəmiyyətin gözü qarşısında gedir. Bayaq Əli müəllim bu istiqamətdə görülən işlərdən məlumat verdi. Biz də vaxtaşırı bu barədə məlumatlar alırdıq. İndiyə qədər xatırlamıram ki, müşahidəçilər və yaxud da bu işdə bizə dəstək verən beynəlxalq təşkilatlar bu prosesdə olan nöqsan barədə car çəksinlər və həmin problem həll edilməmiş olsun. Bu göstərir ki, məsələnin demokratik prinsiplərinin Avropa təcrübəsinin rəyi ilə həll edilməsində Azərbaycan dövləti kifayət qədər maraqlıdır.

Qeyd edim ki, bu gün bizə təsdiq üçün verilən hakim korpusu hörmət doğuran bir tərkibdir. Bu hakimlərin böyük əksəriyyətini cəmiyyət tanıyır. Apardığı işlərə, prinsipial, qanuna söykənən mövqelərinə görə daim cəmiyyətdə hörmət qazanmış tərkibdir. Hesab edirəm ki, onlar yeni iş yerlərində də göstərilən etimadı doğruldacaqlar. Amma eyni zamanda, demək istəyirəm ki, bizə həm də məhkəmə hakimi vəzifəsindən azad edilmək üçün təqdimatlar da verilir. Bunun özü göstərir ki, heç də hakimlərin hamısı ona göstərilən etimadı doğrulda bilmir. Ona görə bu gün bizdən təyinata razılıq gözləyən hakimlərə üzümü tutaraq, onları göstərilən yüksək etimadı doğrultmağa, Konstitusiyamıza, qanunlarımıza hörmətlə yanaşmağa çağırıram.

Onları ilk növbədə fəaliyyətlərinin cəmiyyət tərəfindən nəzarət altında olduğunu və əks-səda verdiyini nəzərə almağa çağırıram və bir daha yadlarına salmaq istəyirəm ki, onların qəbul etdikləri qərar, sadəcə olaraq, hansısa hakimin adından deyil, Azərbaycan dövlətinin adından qəbul edilir. Buna görə də təyinatına razılıq verilən bu tərkib – gələcək hakimlərimiz onlara göstərilən yüksək etimadı yüksək qiymətləndirməlidirlər. Yüzlərcə insanın içərisində məhz onlara etimad göstərildiyini həmişə xatırlamalıdırlar.

Mən bu işdə gərgin əmək sərf edən Məhkəmə-Hüquq Şurasının fəaliyyətini yüksək qiymətləndirmək istərdim. Hakimiyyətin müxtəlif qollarının təmsil olunduğu bu qurum hakim korpusunun formalaşmasına məsuliyyətlə yanaşır və hər bir insanın üzərində ciddi işləyir.

Ancaq bununla belə, – dünən Əli Hüseynovla da söhbətdə bunu dedim, – mən bizə təqdim edilən siyahıda bir boşluq görürəm və diqqəti buna yönəltmək istəyirəm. Bizə təqdim edilən insanların içərisində bir nəfər də olsun dövlət mükafatı ilə təltif edilməyib. Doğrudanmı, bu insanların dövlət qarşısında elə bir xidmətləri olmayıb? Doğrudanmı, bizim 16 illik müstəqillik dövründə onlar vəzifədən-vəzifəyə qalxıblar, amma bir dəfə də olsun orden-medallarla təltif edilmək üçün elə bir xidmətləri olmayıb? Ola bilsin ki, digər vacib məsələlər nəzərə alınıb.

Ancaq mən çox istərdim ki, Prezidentin İcra Aparatı, Məhkəmə-Hüquq Şurası bu məsələni də nəzərə alsın və fəaliyyətində müsbət nəticələr əldə eləyən hakimlərimizin vaxtaşırı dövlət mükafatları ilə təltif edilməsi məsələsini dövlət başçısı qarşısında qaldırsınlar. Mən bizə təklif edilən hakim korpusunun tərkibi ilə razıyam və hesab edirəm ki, bu insanlar, həqiqətən də, çox ciddi sınaqlardan çıxıblar, öz fəaliyyətləri ilə, öz həyatları ilə bu vəzifəyə layiq olduqlarını nümayiş etdiriblər. Onların təyinatına səs verəcəyəm və onlara gələcək işlərində uğurlar arzulayıram. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə, buyurun.

İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, müstəqil dövlətin ən böyük atributlarından biri də onun müstəqil məhkəməsinin olması və müstəqil məhkəmənin fəaliyyəti nəticəsində vətəndaşların ölkəyə, onun məhkəməsinə güvənliyidir. Adətən, iki halda vətəndaş dövlətinə güvənir, onu bu prinsiplərə görə sevir; bir, ordunu xarici müdaxilədən onu qoruduğuna görə, iki, məhkəməni daxildə qayda-qanunların bərpasına, haqlını haqsızdan ayırmağına görə. Azərbaycan məhkəmə sistemi hələlik Azərbaycan vətəndaşı qarşısında belə bir inama, etimada malik deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. İlk növbədə, fikrimi onunla əsaslandırım ki, bu gün də apellyasiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı bizə sənəd təqdim olunub və bölünüb. Amma 2006-cı ilin statistikasına baxanda görürük ki, 12 min apellyasiya şikayətinə cəmi 35 hakim baxıb. Bu, il ərzində hakim başına düşən 342 iş deməkdir. Bayram günlərini, şənbə və bazar günlərini çıxsaq, bu, 280-ə yaxın iş günü eləyir. 280 iş günündə 342 işə baxmaq bu işin keyfiyyəti barədə kifayət qədər ciddi mənzərə yaradır. Mənim vaxtı ilə cəlb olunduğum cinayət işində 35-dən yuxarı cinayət işinin hissələri, o cümlədən videokasetlər, başqa sənədlər, filanlar var idi. Bütün bunların hamısını bir hakim nə qədər vaxt sərf eləyib araşdıra bilər? İşin səmərəli təşkil olunmamasının birinci səbəbi ondan ibarətdir ki, hakimlər həddən artıq yüklənir. İşlə tanış olmadan başqa işə çıxır və vətəndaşların taleyi haqqında qərar verir.

Mən məhkəmə prosesimizdən Apellyasiya Məhkəməsinə yazmışdım. Həmin hörmətli hakim də təyin olunanlar arasındadır. O məsələni xatırlatmaq istəyirəm. Cinayət işinin materialında bizdə olmayan fakt barədə vəsatət yazıb vermişdik. Faktiki olaraq bu hal yox idi. Sadəcə, öyrənmək istəyirdik, görək, hakimlər bu işi oxuyur, yoxsa oxumurlar. Biz protest vermişdik ki, filan səhifədə filan protokol düzgün deyil və hakim onu təhrif eləyib bu cür yazıb. Hakim həmin yeri açıb baxmayıb ki, o var idi, yoxsa yox idi. Həmin yerə nəzarən yazıb ki, biz düz yazmışıq, həmin yerdə bu, var idi. Hörmətli Şahin müəllim, Apellyasiya Məhkəməsində biz onu təqdim elədik. O, Şahin müəllimin qüsuru deyil. Biz, sadəcə olaraq, təqdim elədik ki, Şahin müəllim, baxın, hakim hətta bizim verdiyimiz vəsatəti də oxumayıb.

Bunun bir səbəbi də hakimlərin həddən artıq az, işin isə həddən artıq çox olmasıdır. Bununla belə, üzərinə düşən işi hakimlər bu səviyyədə yerinə yetirməməlidirlər. Çünki burada insan taleyi həll olunur. Ona görə mən istərdim ki, bu gün təyinat alacaq hörmətli hakimlər bu məsələlərdə olduqca diqqətli olsunlar. Azərbaycan məhkəmələrinin daha səmərəli işləməsi üçün biz gərək hüquqi baza hazırlayaq, hakimlərin sayını artıraq və onları ifrat dərəcədə yükləməklə, onların üzərinə bu qədər iş qoymaqla, məntiqsiz, hətta xəbəri olmadan qərarlar verməsinə rəvac verməyək.

Mən təklif edərdim ki, ümumiyyətlə, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da hakimlər ömürlük fəaliyyət göstərsinlər və hakimiyyətin heç bir qolundan, heç bir strukturdan asılı olmasınlar. Hakimlərin qəbul etdiyi qərar Azərbaycan dövlətinin adından verilirsə, onda gərək onlar Azərbaycan dövlətinə sayğını, hörməti formalaşdıran və Azərbaycan vətəndaşının təsəvvüründə ədalət prinsipinin necə formalaşmasını ortaya qoyan ən ali orqan kimi imic qazansınlar. Mən təyin olunan hakimlərə uğurlar, ədalət və hər zaman insaf, qanunun aliliyini gözləmək arzulayıram. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.

A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hakimlər! Mənə elə gəlir ki, bugünkü müzakirənin müxtəlif istiqamətdə getməsi çox təbiidir. Ona görə ki, cəmiyyətdə məhkəmələrə, hakimlərə münasibət birmənalı deyil. Bunun müəyyən obyektiv və subyektiv cəhətləri var. Amma mənə elə gəlir ki, tənqidi fikirləri söyləməklə yanaşı, bir sıra müsbət məqamlara da diqqət çəkmək lazımdır. Xüsusi ilə son dövrlər Azərbaycanda məhkəmə-hüquq sistemində gedən islahatların müxtəlif sahələrdə verdiyi nəticə ilə bağlı fikirlər də söyləmək lazımdır. Bu ən azı ona görə lazımdır ki, həm ədalət olsun, həm də bu işi aparan qurumlar və şəxslər, yumşaq desək, daha da ruhlansınlar.

Bu baxımdan mən 3 əsas məqamı qeyd etmək istəyirəm, amma sonra tənqidi fikirlərimi də söyləyəcəyəm. İlk növbədə onu deyim ki, bu gün, həqiqətən də, hakimlərin seçki prosesi Əli müəllimin dediyi kimi, çox şəffaf və ədalətli şəkildə aparıldı. Mən bu prosesin iştirakçısı kimi deyə bilərəm ki, rəhbərlik etdiyim Ümummilli QHT forumu həmin prosesi əvvəldən axıra qədər müşahidə etdi. Hətta təhkim etdiyi 3 təşkilat, mən sizə deyərdim ki, ən müstəqil, bəlkə də müxalifət yönlü idi. Onların rəyləri mətbuatda da çap olunur. Bəri başdan da deyə bilərəm ki, bu proses çox şəffaf və ədalətli keçirildi. Ona görə də seçilmiş hakimlərin işlərinin gələcəkdə daha rentabelli olacağına ümid edirik.

İkinci müsbət məqam ilk dəfə olaraq regionlarda yaradılmış apellyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi ilə bağlıdır. Mən hesab edirəm ki, bu da həmin hüquq islahatlarının çərçivəsində çox önəmli bir addımdır. Həm paytaxtda yükün azaldılması, həm də regionlarda ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından bu öz bəhrəsini verəcəkdir.

Üçüncü qeyd etmək istədiyim məqam odur ki, bu gün Məhkəmə-Hüquq Şurasının gördüyü işlər, doğrudan da, təqdirəlayiqdir. Mən iki məqamı qeyd etmək istəyirəm. Birinci məqam ondan ibarətdir ki, Məhkəmə-Hüquq Şurasının son zamanlar qəbul etdiyi qərarların sırasında 77 intizam icraatı var və bunların da 56-na baxılıb, müvafiq qərarlar qəbul olunub. Ən önəmlisi isə odur ki, öz fəaliyyətində nöqsanlara yol vermiş hakimlər barədə müəyyən cəzalar tətbiq olunub, iki hakimin səlahiyyətlərinə isə vaxtından əvvəl xitam verilib. Bu ondan xəbər verir ki, artıq yaxşı ilə pisin seçilməsi istiqamətində işlər gedir. Bu da Məhkəmə-Hüquq Şurasının son zamanlar həyata keçirdiyi müsbət irəliləyişlərdən biridir.

Mən bir faktı da deməliyəm. Məhkəmə-Hüquq Şurasının iclaslarında şəffaflığın təmin olunması və həmin iclaslara qeyri-hökumət təşkilatlarının dəvət olunması, təbii ki, sevindirici haldır. Bu 3 əsas məqam islahatların ən önəmli, müsbət tərəfləridir.

Gəlin, etiraf eləyək ki, hələ görəcək işlərimiz var. Bunlardan birincisi barədə burada qeyd olundu. Bu gün məhkəmə-hüquq islahatları çərçivəsində aparılan işlərdən bəlli olur ki, bir çox hakimlər qərarları qəbul edən zaman qanunların aliliyinə riayət etmir, şəxsi maraqlarını güdür, rüşvətxorluq və korrupsiya hallarına geniş yer verilir. Bizə çatan məlumatlara görə bu gün elə hakimlər var ki, 100 ABŞ dollarına qərar qəbul edirlər. Təsəvvür edin, Azərbaycan dövlətinin adından verilən qərarı cüzi miqdara başqa şəxsi marağa dəyişən hakimlər varsa, onda vətəndaşın bu məhkəməyə inam və etimadı hansı səviyyədə olar? Mənə elə gəlir ki, bu bizim dövlətçiliyimizin, vətəndaş cəmiyyəti quruculuğunun sütunlarına zərbə vuran əsas amillərdən biridir.

Mən siyahıya baxıram, həmin insanlardan bəzilərinin adlarını burada görmürəm və buna sevinirəm. Həmin hakimlərlə yanaşı, çox layiqli və dəyərli hakimlərimiz də var və deyilənlər bütövlükdə hakim korpusunun üzərinə yazılmamalıdır. Ona görə hörmətli və möhtərəm hakimlərimiz gələcəkdə işlərini elə qurmalıdırlar ki, belə hallara yol verilməsin. Çünki bir nöqsan bütövlükdə digər insanlara da şamil olunur.

Sonda bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Bu gün məhkəmələrin çıxardığı qərarların icrası zəif vəziyyətdədir. Qərarların icrası ilə bərabər müəyyən tədbirlər görülməlidir. Əllərində məhkəmə qərarları olan onlarca insan bizə müraciət edir ki, niyə qərarların icrası yerinə yetirilmir? Mənə elə gəlir ki, bu işlərə diqqət ayırmaq lazımdır. Hakimlərə uğurlar arzulayıram.


Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir


Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.

Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, əvvəlcə bizə göndərilmiş qərar layihəsi ilə bağlı fikrimi bildirmək istəyirəm. Qeyd eləmək istəyirəm ki, Prezidentin bizə göndərdiyi bu sənəddə istinad olunan normalardan biri Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndidir. Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndində qeyd olunur ki, Prezident bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir. Yəni bizim səlahiyyətimizə aid olmayan məsələ ilə bağlı bizə təqdimat verilməsi düzgün deyil. Bu baxımdan mən o fikirdəyəm ki, ümumiyyətlə, hakimlərin yenidən təyinatı ilə bağlı tələblər Məhkəmə-Hüquq Şurası tərəfindən lazımi səviyyədə hazırlanmayıb və çox təəssüf ki, qanunların gələcəkdə tətbiqi ilə məşğul olan hakimlər indidən qanunlara zidd formada, daha doğrusu, onların düzgün tətbiq olunmaması şərti ilə vəzifələrə təyin olunurlar.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 97-ci maddəsində və keçid müddəalarında qeyd olunur ki, hakimlərin son yaş həddi 65-dir və bu 5 il də uzadıla, 70 yaş ola bilər. Amma bizə verilən sənədlərdə 1937-ci il təvəllüdlü insanlar var və onların doğulduğu gün, ay göstərilməyib. 1938-ci il təvəllüdlü şəxs var. Onun təqdimatını cənab Prezidentə necə veriblər? Allah həmin şəxslərə can sağlığı qismət eləsin, səhhətləri imkan verirsə, qoy işləsinlər, amma gəlin, onda qanuna dəyişiklik eləyək. Yaş həddini uzadaq, 75 eləyək və sonra, onları həmin vəzifələrə təyin eləyək.

Başqa bir məsələ ilə bağlı da fikrimi bildirmək istəyirəm. Ümumiyyətlə, hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı Milli Məclisin qərarında da Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə istinad olunub. Halbuki biz “Məhkəmələr və hakimlər haqqında” Qanunun 114-cü maddəsinin üçüncü hissəsinə istinad etməliyik. Hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı Prezidentin göndərdiyi sənədin 3-cü maddəsində qeyd olunur ki, vəzifələrin dəyişdirilməsi ilə əlaqədar olaraq filan hakimlər vəzifələrindən azad edilirlər. Bizim qanunvericilikdə hakimin vəzifədən azad edilməsi ilə bağlı hüquqi müddəa yoxdur. Hakimin iş yerinin dəyişdirilməsi, inzibati məsuliyyət, hakimin aşağı vəzifəyə keçirilməsi, onun öz ərizəsi ilə iş yerinin dəyişdirilməsinə razılıq verilməsi var. Burada, üçüncü hissədə qeyd olunmalı idi ki, hakimlər başqa vəzifələrə təyin olunduqları üçün onların Apellyasiya Məhkəməsinin hakimi və Ali Məhkəmənin hakimi kimi səlahiyyətlərinə xitam verilsin. Biz də öz qərarımızda, qeyd elədiyim kimi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun üçüncü hissəsinə istinad eləməli idik. Başqa halda bizim Konstitusiyaya görə, hakimlərin onların səlahiyyətləri müddətində vəzifələrinin dəyişdirilməsinə icazə verilmir.

Əgər hakimlərin vəzifələri razılıqla dəyişdirilirsə, o ərizələr bizə niyə göndərilmir? Yox, onlar intizam tənbehi qaydasında aşağı vəzifələrə keçirilirsə, onda niyə bizə Məhkəmə-Hüquq Şurasının həmin qərarları verilməyib? Ümumiyyətlə, o məsələlərin bizə aidiyyəti yoxdursa, Məhkəmə-Hüquq Şurası bu təqdimatı Prezidentə verirsə və Prezident bunu 109-cu maddənin 32-ci bəndinə uyğun həll eləyirsə, onda bunu niyə bizə göndəriblər? Mən hesab edirəm ki, gələcəkdə bu cür nöqsanlara yol verilməməlidir. Biz bu səbəblərdən yenidən düzəliş eləməliyik, həmin hakimləri bura dəvət eləməliyik və soruşmalıyıq ki, onların hansı ərizə yazmağa məcbur edilib, yaxud onlar aşağı vəzifəyə keçirilirlərsə, hansı səbəbdən keçirilirlər? Bu gün yeni hakimlər təyin edirik, əgər o hakimləri Milli Məclis olaraq vəzifəyə təyin eləyən bir qurum kimi gələcəkdə müdafiə eləməyəcəyiksə, onlar, sözsüz ki, müstəqil olmayacaqlar, müəyyən sifarişlərə boyun əyəcəklər. Bu zaman da qanunların aliliyindən və məhkəmədə ədalət axtarılmasından söhbət gedə bilməz. Onun üçün də mən hesab edirəm ki, biz bu məsələlərə diqqət yetirməliyik. Sağ olun.

Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Bir məsələyə mən aydınlıq gətirim. Kiminsə öz ərizəsi ilə aşağı instansiya məhkəməsində işləmək istəməsi, kiminsə icra qaydasında Məhkəmə-Hüquq Şurası tərəfindən vəzifəsinin dəyişdirilməsi Milli Məclisin baxış predmetinə aid olan məsələ deyil. Onu Məhkəmə-Hüquq Şurası özü müəyyən edir. Konstitusiyaya görə biz cənab Prezident tərəfindən təqdim olunmuş hakimlərin təsdiqinə ya hə, ya da yox deməliyik. Qalan məsələlər Məhkəmə-Hüquq Şurasının işidir. Fəzail Ağamalı.

F. Ağamalı. Hörmətli həmkarlar, hörmətli qonaqlar, təbii ki, məhkəmə-hüquq sistemi demokratik cəmiyyətdə son dərəcə ciddi əhəmiyyətə malikdir, onun yeri və rolu böyükdür. Bu da aydındır ki, vətəndaşlar, insanlar arasında müqayisəli məqamlar, hüququ pozulanla hüququ pozanlar arasında münasibətlər məhz məhkəmə müstəvisində öz həllini tapmalıdır və bu da ancaq ədalətli olmalıdır. Bu baxımdan müəllifi ulu öndərimiz Heydər Əliyev olan Konstitusiyada bütün bu məqamlar nəzərə alınmışdı.

Eyni zamanda, Milli Məclis tərəfindən qəbul olunan qanunlar, normativ hüquqi aktlar məhz məhkəmə sisteminin bu prinsiplər əsasında fəaliyyətinə tam əsaslar yaratmışdır. O da qeyd olunmalıdır ki, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üçün ölkə Prezidenti cənab İlham Əliyev bütün addımları atır və Məhkəmə-Hüquq Şurası öz üzərinə düşən vəzifəni uğurla, ədalətli şəkildə, şəffaf formada həyata keçirir. Bu gün birmənalı demək olar ki, Məhkəmə-Hüquq Şurasının işi, doğrudan da, yüksək standartlara uyğun gəlir və kimsə onun haqqında neqativ danışa bilməz. Kim danışırsa, deməli, o, şuraya qərəzli münasibət bəsləyir.

Hakimlərin seçilməsində neqativ hal yoxdur. Yəni mövcud proses mərhələli şəkildə müvafiq qaydalara uyğun olaraq keçirilir və onlar hakimlik statusunu alırlar. Belə olursa, nədən hakimlər bir sıra qərarların qəbul olunmasında ədalətsiz mövqe tuturlar, Azay müəllimin dediyi kimi, insaflı halda 100 dollar, insafsız halda 10 min dollar pul alırlar? Burada hakimlərin özlərinin mənəvi dəyərləri önə çıxır və bu da, görünür ki, cəmiyyətin problemidir. Bu, artıq Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə daxil olan məsələ deyil, nə Əli Hüseynov, nə də hörmətli nazir Fikrət Məmmədov hər hakimin yanına bir nəfər qoyub onun fəaliyyətinə nəzarət eləyə bilməz. Ona görə də bu məsələlər hakimlərin özləri tərəfindən götür-qoy edilməlidir, vicdanlı olmalıdırlar və məsələlərə ədalətli yanaşmalıdırlar.

Ayrı-ayrı faktlar istisna olmaqla, Azərbaycan hakimləri içərisində ədalətli, təmiz insanlar kifayət qədərdir. Məsələn, tanıdığım və cəmiyyət tərəfindən çox müsbət qiymətləndirilən bir neçə nəfərin adını çəkmək istəyirəm. İkram Kərimov, Ramazan Burcayev, İman Nağıyev, Rəşadət Ağayev, Zeyqəm Hüseynov və Səadət Bəktaşi kimi təmiz, ədalətli hakimlərimiz var.

Lakin bununla bərabər, Apellyasiya Məhkəməsində tərəzinin gözünü pula görə müəyyənləşdirən, hamı tərəfindən birmənalı şəkildə korrupsioner hakim kimi tanınan Mirpaşa Hüseynov da var. Keçən dəfə çox hörmətli həmkarlarımdan biri Abramov onun haqqında fikirlər söylədi. Bu adam haqqında şəxsən mənim özümə də dəfələrlə müraciətlər olub. Bununla əlaqədar Apellyasiya Məhkəməsinin rəhbərliyinə müraciət etmişəm ki, bu hallara son qoyulsun. Tərəfləri yanına çağırır, kim daha çox onun ehtiyacını ödəyirsə, qərarı onun xeyrinə verir. Bütün qərarlar hərraca qoyulur və sair. Bunun ən mühüm səbəblərindən biri, deyildiyi kimi, yerlərdə hakimlərin ədalətli qərarlar qəbul etməməsidir. Ona görə də mən xahiş edərdim ki, gələcəkdə yerli hakimlərin təyinatında çox diqqətli olsunlar. Əli müəllim, əgər yerlərdə qərarlar düzgün qəbul olunarsa, apellyasiya məhkəmələrində də ciddi problemlər yaranmaz. Mən yeni təyin olunacaq hakimlərə uğurlar arzulayıram. Sağ olun.

Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.

P. Hüseyn. Çox təşəkkür edirəm. Biz azərbaycanlıyıq, müsəlmanıq, bir işə təyin olunan adamlara həmişə xeyirli, uğurlu olsun deyirik. Mən də fikrimi bildirirəm və arzu edirəm ki, hörmətli hakimlər qanun və vicdan naminə fəaliyyət göstərsinlər.

Bilirsiniz, bu məhkəmə sistemi təxminən bizim Milli Məclis timsalındadır. Yəni Milli Məclis hakimiyyət bölgüsündə hansı səlahiyyət və funksiyaya malikdirsə, elə məhkəmələr və hakimlər də o funksiyaya malikdirlər. Necə ki biz icra hakimiyyətindən göndərilən sənədləri təxminən notarial qaydada müzakirə edirik, qeydə alırıq, eləcə də, bir qayda olaraq istintaqın, prokurorluğun göndərdiyi əvvəlcədən razılaşdırılmış qərarlar da hakimlər tərəfindən qəbul olunur.

Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, şübhəsiz, bir nömrəli məsələ bizim məhkəmə sistemini, hörmətli hakimləri prokurorluğun göstəricilərindən xilas eləməkdir. Məhkəmə-Hüquq Şurasına hörmətli Fəzail müəllim çox böyük tərif verdi, amma bu, dediyim idarəçiliyin növbəti bir formasına da çevrilməli deyil. Mən nəyə görə bu barədə bir qədər təcrübəli danışıram? Təxminən 10 dəfə məhkəmə qarşısında dayanmışam. Mənim haqqımda 50-yə qədər qərar, qətnamə, qərardad qəbul olunub. Necə qərar qəbul olunmasını həm onların özündən eşitmişik və həm də özümüz anlamışıq, dərk eləmişik. Xüsusən siyasi xarakterli və yaxud hakimiyyət orqanları tərəfindən maraqlı olan bir sıra hallarda hakimlərimizin hər hansı sərbəst qərar qəbul eləməsi qeyri-ciddi görünür.

Biz arzu edirik, elə bir həddə gəlib çataq ki, hakimlər dünyanın bəzi ölkələrində olduğu kimi, Nazirlər Kabinetinin, ali icra hakimiyyəti orqanının, hətta cümhur başqanlarının qanunsuz hərəkətləri barədə işə baxa və onları həll edə bilsinlər. Bu bəlkə də uzaq perspektiv kimi görünə bilər, amma mənə elə gəlir ki, vaxtı çatmış bir məsələ – istintaqın prokurorluqdan alınıb müstəqil bir orqana verilməsi bizim hakimlərin müstəqilliyini və müstəqil qərar qəbul etməsini həll edərdi. Prokurorluq orqanlarının başında kim durur? Baş prokuror. Baş prokurorun əsas səlahiyyətinin gücü isə onun dövlətin birinci adamı ilə əlaqəsidir. Bu həmişə – bizim dövrdə də, bizdən əvvəlki dövrdə də belə olub, indi də belədir, sonra da bu vəziyyət saxlanılacaqdır. Ona görə bir daha təkrar edirəm, vaxtı çatmış məsələdir ki, istintaq müstəqil olsun və istintaqın rəhbərliyinin bir növ siyasi vəzifəsi olmasın, prezidentin yanındakı müşavirələrdə iştirak etməsin. O halda bizim məhkəmə və hakimlər, həqiqətən, müstəqil qərarlar qəbul etmək imkanına malik ola bilərlər.

Digər bir vacib məsələyə də toxunmaq istərdim. Hakimlərin ömürlük təyin olunması onların müstəqilliyinin təmin edilməsində olduqca ciddi bir rol oynaya bilər.

Mən bir daha rüşvət məsələsinə qayıtmaq istəyirəm. Bu, qıcıq doğuran, maraqlı mövzulardan biridir. Məsələ burasındadır ki, təkcə qanunsuz qərarlara və hökmlərə görə rüşvət alınmır. Bir qayda olaraq, qanuni qərar və hökmlərin çıxarılması üçün rüşvət tələb olunur. Faciə bundan ibarətdir. Biz əmin olmaq istərdik ki, bu məsələyə son qoyulacaq və bizim hörmətli hakimlərimizin yeni tərkibi təcrübələrinin müsbət tərəflərini Azərbaycan xalqına, dövlətinə və vətəndaşına həsr edəcəkdir. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir


Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.

R. Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hakimlərin təyinatı ilə bağlı Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq cənab Prezident Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin seçilməsi ilə bağlı Milli Məclisə təqdimat yollayıb. 1995-ci ildə yeni Konstitusiyanın qüvvəyə minməsindən sonra ölkədə əsaslı hüquqi islahatlar aparılır. Məhkəmə islahatı bu siyasətin vacib tərkib hissəsidir. Bu sahədə çoxlu qanunlar qəbul edilir və maddi-texniki baza təkmilləşdirilir.

Məhkəmələrin cəmiyyətdə rolu çox əhəmiyyətlidir. Hər bir şəxsin məhkəməyə müraciət etmək və mübahisənin məhkəmədə həllini tələb etmək imkanı var. Bu hüququn səmərəli təminatı üçün məhkəmələrin fəaliyyəti yüksək səviyyədə, hüquqi vasitələr isə aydın və səmərəli olmalıdır. Hər bir islahatın səmərəliliyi o sahədə çalışan insanlardan asılıdır.

Milli Məclisin iclasında yüksək məhkəmə orqanlarına hakim vəzifəsinə təqdim olunan namizədlərin böyük peşə təcrübəsinə malik olduqlarını qeyd etmək istərdim. Məhkəmə sistemində aparılan islahatların səmərəliliyi bu şəxslərdən asılıdır. Məhkəmə prosesində qüsurlar da olur. Əksər halda qüsurlar hakimlərin icraatında olan işlərin böyük həcmi ilə bağlı olur və süründürməçilik nəticəsində yaranır. Bu baxımdan üçpilləli məhkəmə sistemi nəticə etibarı ilə ədalət məhkəməsinin təminatına əhəmiyyətli zəmanət verir. Ölkəmizdə ədalət mühakiməsinin zəmanətliliyinin artırılması məqsədi ilə hakim vəzifəsinə namizədlər beynəlxalq standartlara uyğun olaraq test üsulu ilə keçirilən yazılı və şifahi imtahanlarla şəffaf şəraitdə seçiliblər. Yüksək məhkəmə orqanlarına seçilən namizədlərin isə böyük təcrübə və peşəkarlığı əsas götürülüb.

Bu seçki prosesini ədalətli aparan, hakimlərin peşə səviyyəsinin artırılmasında əhəmiyyətli iş görən Məhkəmə-Hüquq Şurasının fəaliyyətini xüsusi ilə qeyd etmək istərdim. Hakimlərin seçimi tam şəffaf və obyektiv keçirilib. Məhkəmələrin fəaliyyətinin hüquqi və informasiya təminatının təkmilləşdirilməsi üçün dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkəmələrin inzibati binaları müasir informasiya texnikası ilə təchiz olunub. Azərbaycanda bu islahatlar ardıcıl aparılır və biz onların səmərəliliyinin şahidiyik.

Mən burada səslənən bir neçə fikirlə razı olmadığımı bildirmək istəyirəm. “Məhkəmələr və hakimlər haqqında” Qanunda qeyd olunduğu kimi, artıq bizdə də ömürlük hakimlər var və mövcuddur. Sonda mən burada əyləşən hakimləri təbrik eləmək istəyirəm və onlara şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.

F. Muradov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün ölkəmizdə hər sahədə olduğu kimi, hüquq və məhkəmə sistemində də islahatlar gedir. Bu islahatların banisi və təşəbbüskarı hörmətli Prezident İlham Əliyevdir. Mən hesab edirəm ki, bu gün həyata keçirilən islahatlar çox vacibdir və biz də millət vəkili olaraq bunu dəstəkləməliyik. Təbii ki, Məhkəmə-Hüquq Şurasının yaradılması və onun müstəqil fəaliyyət göstərməsi də müsbət hal kimi qiymətləndirilməlidir. Mən hesab edirəm ki, belə bir qurumun olması, orada məhkəmələrin, hakimlərin işinə yüksək səviyyədə baxılması, onların işinə qiymət verilməsi çox vacibdir. Bu, Avropada mövcud olan bir praktikadır ki, hər hansı bir hakim haqqında müsbət və ya mənfi rəy olursa, Məhkəmə-Hüquq Şurasında qeydə alınır və bunlar gələcəkdə nəzarət mexanizminin yaradılmasında çox mühüm rol oynayır.

Bununla bərabər mənim bir neçə təklifim var. Çox müsbət haldır ki, cənab Prezident hakimlərin maaşının qaldırılması ilə bağlı sərəncam imzalamışdır. Mən hesab edirəm ki, hakimlərin nə qədər çox məvacibi olsa, bu daha geniş müstəqilliyə gətirib çıxara və onların normal şəraitdə fəaliyyətini bərpa edə bilər.

Növbəti vacib məsələ ondan ibarətdir ki, bu gün hakimlərin sayının az olması bəzən müəyyən nöqsanlara gətirib çıxarır. Misal üçün, keçən il Səbail Rayon Məhkəməsində təkcə mülkiyyət hüququ, özəlləşdirmə ilə bağlı 771 işə baxılıb. Təbii ki, bu qədər işə 4 hakimin baxması həm fiziki, həm də mənəvi baxımdan müəyyən problemlərə gətirib çıxara bilər. Əli müəllim öz çıxışında qeyd etdi ki, bu istiqamətdə addımlar atılır. Onların məvaciblərinin artırılması, onlara əlavə imtiyazların verilməsi də çox vacibdir. Yəni bütün dünyada belədir, hakimlərin nə qədər çox imtiyazları varsa, onların müstəqilliyi də bir o qədər yüksək səviyyədə olur.

Burada məhkəmələrlə bağlı müxtəlif fikirlər söylənildi. “Məhkəmələrin qərarları hərraca çıxarılır” və sair belə fikirlərlə razı deyiləm. Müəyyən problemlər mövcuddur. Bu problemlər daha çox insan faktoru ilə əlaqədar olduğuna görə mövcuddur. Amma bizim normal işləyən ədalətli hakimlərimiz var. Mən istəməzdim ki, belə bir yüksək tribunadan o cür fikirlər səslənsin. Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının bu istiqamətdə fəaliyyəti ildən-ilə güclənir və hər hansı bir vətəndaşın hakimlərlə bağlı şikayəti varsa, Məhkəmə-Hüquq Şurasına müraciət edə bilər.

Növbəti deyəcəyim məsələ çox vacibdir. Əgər biz hakimlərin müstəqilliyindən danışırıqsa, ilk növbədə, biz də millət vəkili olaraq bu islahatları dəstəkləməliyik, müdafiə eləməliyik. Biz hətta hakimlərə kömək eləməliyik ki, onlara başqa istiqamətlərdən müdaxilələr olmasın. Amma bəzi hallarda belə neqativ hallar millət vəkilləri tərəfindən yaradılır.

Sonda vurğulamaq istəyirəm ki, müxtəlif beynəlxalq təşkilatlar müxtəlif fikirlər söyləyə bilərlər, amma bizim öz yolumuz var və bu yol uğurlu yoldur. Elə beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycanın təcrübəsindən istifadə edirlər və biz bu sahədə də müəyyən məsləhətlərimizi verə bilərik. Hakimlərə uğurlar arzulayıram. Hesab edirəm ki, biz bu məsələlərə çox müsbət yanaşırıq. Məhkəmə-Hüquq Şurasına da uğurlar arzulayıram və hesab edirəm ki, həmin şurada icra orqanının nümayəndəsinin olması müsbət hal kimi qiymətləndirilməlidir. Bu, dövlətin Məhkəmə-Hüquq Şurasına göstərdiyi diqqətdən irəli gəlir. Hesab edirəm ki, bunu da nəzərə almalıyıq. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Siyahıda 11 nəfərin adı var. Çıxış üçün təkid edən varmı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Yoxdur. İclasın əvvəlində Qüdrət Həsənquliyev gündəlikdəki məsələlərin ardıcıllığı ilə bağlı təklif vermişdi. Ancaq fikirləşdik ki, əgər biz öncə işdən azad edilmə haqqında məsələnin müzakirəsinə başlasaq, bu gün hakimlərdən heç kim təyinat almayacaq. Ona görə də birinci, təyinatdan başlayaq, sonra vəzifədən azad olunma məsələsinə baxaq.

Gündəlikdəki məsələləri bir-bir səsə qoyuruq. Xahiş edirəm, Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri (saat 13.42 dəq.)

Lehinə 96
Əleyhinə 1
Bitərəf 2
Səs vermədi 3
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

İkinci məsələ Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqındadır. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)

Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Xahiş edirəm, Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)

Lehinə 95
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Xahiş edirəm, Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)

Lehinə 94
Əleyhinə 1
Bitərəf 2
Səs vermədi 2
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Xahiş edirəm, Əli Bayramlı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)

Lehinə 95
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 2
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Xahiş edirəm, Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)

Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 5
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Xahiş edirəm, Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.45 dəq.)

Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Xahiş edirəm, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi hakimlərini vəzifədən azad edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)

Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Xahiş edirəm, Azərbaycan Respublikası İqtisad Məhkəməsi hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)

Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Hörmətli millət vəkilləri, çox sağ olun. İcazə verin, həm sizin adınızdan, həm də öz adımdan yeni təyin olunmuş hakimləri təbrik edim, onlara bu çətin, şərəfli işlərində müvəffəqiyyətlər arzulayım! Bizim hörmətli hakimlər çıxış etmək istəyirlər. İman Nağıyev yazılı şəkildə müraciət edib. Buyurun.

İ. Nağıyev, Bakı Apellyasiya Məhkəməsinin hakimi.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün siz bir qrup hakimin respublikanın yuxarı instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin olunmasına dair ölkə rəhbərinin təqdimatına baxdınız, münasibət bildirərək, müvafiq qərar qəbul etdiniz. Buna görə mən həmkarlarımın adından ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirmək istəyirəm. Cənab Prezident Məhkəmə-Hüquq Şurasının çox ədalətlə və şəffaf surətdə seçmiş olduğu hakimlərin siyahısı ilə razılaşıb və qeyd olunan təqdimatı Milli Məclisə göndərib.

Doğrudan da, bu gün məhkəmələrin işində nöqsanlar var. Mən hakim kimi etiraf edirəm ki, bu gün cəmiyyətdə məhkəmə hakimiyyətinin nüfuzu aşağıdır. Lakin buna baxmayaraq, cənab Prezident təqdimatda adı göstərilən hakimlərə etimad göstərib və deyərdim ki, onların gələcək fəaliyyətinə inanıb.

Eyni zamanda, cənab Sədr, Sizə və bütün millət vəkillərinə həmkarlarım adından öz minnətdarlığımı bildirirəm. Çünki siz isti yay günlərində Milli Məclisin sessiyasının müddətini artırmaqla bu gün bizim barəmizdə olan təqdimata münasibət bildirdiniz, qərar qəbul etdiniz. Ona görə hamımızın adından həm ölkə rəhbərini, həm Sizi, həm də bütün millət vəkillərini inandırmaq istəyirəm ki, biz gələcək fəaliyyətimizdə sizin etimadınızı doğruldacağıq və yüksək hakim adını doğrultmaq üçün səylə işləyəcəyik.

Eyni zamanda, bir hakim kimi etiraf edim ki, burada səslənən qərəzli fikirlərdən başqa, digər iradları qəbul edirəm. Mən hesab edirəm ki, deyilən fikirlərdə müəyyən məqamlar var və həmin fikirlər məhkəmə hakimlərinin nüfuzunun artmasına xidmət edəcəkdir. İstərdim ki, Sabir müəllimin dediyi məsələyə öz fikrimi bildirim. Hakimlərin Seçki Komitəsinin üzvüyəm. Bu qurum, bilirsiniz ki, 2005-ci ildə yaranıb. Biz sıfırdan başlamışıq və fəaliyyətimiz 30-dan artıq hökumət və qeyri-hökumət təşkilatının nümayəndələri, müstəqil ekspertlər tərəfindən izlənib. Mən deyərdim ki, imtahanın hər hansı bir mərhələsi o qurumlar tərəfindən mənfi qiymətləndirilməyib. Sabir müəllim dedi, 98 bal toplayan heç bir kəs şifahi imtahanda kəsilməyib. Şifahi imtahanların nəticələrindən narazı qalan cəmi bir nəfər olub. O da sonra məhkəmə mərhələsinin müəyyən pilləsində öz şikayətindən imtina edib. Mən deyərdim ki, bugünkü təyinat aparılmış islahatlar üçün çox önəmlidir və məhkəmələrin fəaliyyətində böyük dönüş olacaq. Mən bir daha hamınıza öz minnətdarlığımı bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, İman müəllim. Mən görürəm ki, İkram müəllim də çıxış etmək istəyir. O mənim çoxdan tanıdığım hörmətli hakimlərdən biridir. Buyurun.

İ. Kərimov, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi.

Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Əvvəla, sizin hamınıza mən hakim korpusu adından öz minnətdarlığımı və təşəkkürümü bildirirəm ki, həmkarım demişkən, istirahət gününüzdə Milli Məclisin növbədənkənar sessiyasını keçirərək bizi bu mühüm, şərəfli, çətin vəzifəyə təyin etdiniz. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunandan sonra, 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul edildi. Bu, ölkədə aparılan məhkəmə-hüquq islahatının ən önəmli qanunlarından biri olmuşdur. Bundan sonra qəbul olunan bu səpkili qanunlar öz qidasını həmin “Məhkəmələr və hakimlər haqqında” Qanundan almışdır. Bu qanunun əsasında formalaşan məhkəmə korpusunun fəaliyyəti heç də cəmiyyətdə birmənalı qarşılanmadı. Hakimlərin fəaliyyətində müəyyən nöqsanların, qüsurların olması sahibkarlarla görüşdə Prezident İlham Əliyev tərəfindən diqqətə çəkildi.

Heç də sirr deyil ki, istər cəmiyyətə, istərsə də dövlətə qarşı ictimai fikrin formalaşmasında məhkəmədə ədalət mühakiməsinin hansı səviyyədə keçirilməsindən çox şey asılıdır. Qanunun aliliyini gözləmək, ədalətli qərar qəbul etmək dövlətçiliyə, cəmiyyətə olan münasibətdə insanların fikirlərinin formalaşmasında əsas rol oynayır. Bundan sonra hörmətli Prezident İlham Əliyev tərəfindən çox cəsarətli addım atıldı, Məhkəmə-Hüquq Şurası yaradıldı. Burada çox səsləndi, təkrar etməyə ehtiyac yoxdur. Oqtay müəllim, doğrudan da, Məhkəmə-Hüquq Şurası çox yüksək səviyyədə işlədi. Məhkəmə-Hüquq Şurası hakimlərin iş keyfiyyətinin yaxşılaşması, onların mənəviyyatca yeniləşməsi üçün çox vacib qərarlar qəbul etdi. Bu gün burada səsləndi ki, neçə nəfər hakim cəza alıbdır. Biz bunu müəyyən mənada alqışlasaq da, mən bir hakim kimi mənəvi cəhətdən narahat oluram. Hakim də cəzamı alar? Hakim bu vəzifəyə seçilib ki, cəmiyyətdə neqativ hallar törədən şəxslərə cəza müəyyənləşdirsin. Əgər hakim cəza alırsa, deməli, o, hakimliyə layiq deyil.

Mən 40 ildən artıqdır ki, bu sahədə işləyirəm. Hakimlərin əksəriyyətini çox gözəl tanıyıram. İnanın ki, Məhkəmə-Hüquq Şurası ən keyfiyyətli, ən savadlı və mənəvi cəhətdən sağlam olanları seçib. Belə hesab edirəm ki, biz başda hörmətli Prezident İlham Əliyevin etimadı olmaqla həm Şuranın, həm də sizin bu qiymətinizi lazımınca dəyərləndirəcəyik. Heç bir vaxt imkan vermərik ki, nə üçün belə bir hakim korpusunu formalaşdırdığınıza təəssüflənəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Bir daha sizi təbrik edirik və çətin işinizdə uğurlar arzulayırıq. Əli müəllim, hakimlər azad ola bilərlərmi?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Kim qulaq asmaq istəyirsə, qala bilər. Gündəliyin 10-cu məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsi barədədir. Əli Hüseynov, buyurun.

Ə. Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sizin diqqətinizə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi təqdim olunub. Mən qanun layihəsinin ayrı-ayrı detallarına varmadan ümumi şəkildə qeyd etmək istəyirəm ki, cənab Prezident tərəfindən təqdim olunan bu qanun layihəsi “Məhkəmələr və hakimlər haqqında” Qanunun tətbiqi ilə bağlıdır və ən başlıcası, cənab Prezidentin 2006-cı il 16 yanvar tarixli Məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanından irəli gələn məsələdir. Yəni belə demək mümkünsə, bu dəyişikliklər və əlavələr elə bizim həyata keçirdiyimiz məhkəmə-hüquq islahatları ilə bağlıdır.

Fürsətdən istifadə edib bir daha vurğulamaq istəyirəm ki, qanunvericilikdə edilən dəyişikliklər qanunu tətbiq edən şəxslər üçün heç zaman problem yaratmamalıdır. Bu gün edilən dəyişiklikləri bilmək üçün kifayət qədər işlək bir mexanizm vardır. Ona görə də mən hesab edirəm ki, bu cür dəyişikliklər və əlavələr hakimlər üçün də problem yaratmamalıdır. Deməli, bu islahatların nəticəsində mövcud olan Respublika Apellyasiya Məhkəməsi artıq bizim qanunvericiliyimizdə yoxdur, ləğv olunub, əvəzində regional apellyasiya məhkəmələri yaradılıb.

Bir qrup dəyişikliklər bizim qanunvericilikdə etdiyimiz bir sıra düzəlişlərlə bağlıdır. Çünki bir sıra məhkəmələr, o cümlədən İqtisad Məhkəməsi ləğv olunub. Amma 8-ci bənddə Mülki-Prosessual Məcəlləyə və 10-cu bənddə Cinayət-Prosessual Məcəlləyə edilən dəyişikliklər və əlavələr mahiyyəti üzrə edilən dəyişikliklər və əlavələrdir. Əlbəttə, biz bütövlükdə bu məcəllələri dəyişdirərkən həm Mülki-Prosessual Məcəlləni, həm də Cinayət-Prosessual Məcəlləni tətbiq edən praktik şəxslərin fikirlərini öyrənməliyik və bu çox vacibdir.

Məlumat üçün bildirmək istəyirəm ki, bu gün bütövlükdə məhkəmə korpusunda belə bir sistem mövcuddur: hakimlər fəaliyyətləri dövründə qanunvericilikdə gördükləri, rastlaşdıqları ziddiyyətlərlə bağlı ümumiləşdirmələr aparırlar, Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəməyə müraciət edirlər. Nə üçün? Çünki Azərbaycan Respublikası Ali Məhkəməsinin də qanunvericilik təşəbbüsü hüququ vardır. Deməli, birbaşa olmasa da, hakimlər qanun yaradıcılığı prosesində iştirak edirlər və bu çox vacib bir məsələdir. Qeyd etmək istəyirəm ki, hazırda Ali Məhkəmədə işçi qrupu fəaliyyət göstərir. Qeyd etdiyim 8 və 10-cu bəndlər də bu qəbildəndir. Bir hissəsi müddətlərlə bağlıdır.

Cənab Sədr, sonda qeyd etmək istəyirəm ki, bunlar məhkəmələrdə işlərə vaxtında baxılmasından ötrü şərait yaradan düzəlişlərdir. Mən hesab edirəm ki, cənab Prezident tərəfindən təqdim olunan bu dəyişikliklər və əlavələr zəruridir və millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə sual vermək istəyir. Buyurun.

İ. Ağazadə. Mən bilmək istəyirdim ki, biz bu dəyişikliklərin hamısını bir yerdə səsə qoyuruq, yoxsa ayrı-ayrı?

Sədrlik edən. Ayrı-ayrı səsə qoyuruq. Burada hamısı yazılıb. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)

Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Gündəliyin növbəti məsələsi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli Hüseynov, buyurun.

Ə. Hüseynov. Cənab Prezident tərəfindən “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur. Təklif olunur ki, 1-ci maddədə ikinci hissə çıxarılsın, üçüncü və dördüncü hissələr müvafiq olaraq ikinci və üçüncü hissələr hesab edilsin. Əslində, bu, texniki bir məsələdir. Amma mən hörmətli həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm ki, arayış təqdim olunarkən bizim tərəfimizdən texniki bir qüsura yol verilib. Belə bir təəssürat yaranır ki, mövcud variantda 1-ci maddənin ikinci bəndi çıxarılır. O burada xüsusi qeyd olunub: “Vətəndaş haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə...” Yəni belə görünür ki, bu bənd çıxarılıb, amma bu bizim arayışda olan qüsurdur. Xahiş edirəm, bunu nəzərə alasınız, bu bənd çıxarılmır. Söhbət ikinci hissədən gedir. Bu, cənab Prezidentin təqdim etdiyi qanun layihəsində düzdür, amma arayışda yanlışlığa yol verilib. Xahiş edirəm, bunu səsvermə zamanı nəzərə alasınız. Sağ olun.

Sədrlik edən. Sağ olun. İqbal Ağazadə, buyurun.

İ. Ağazadə. Mənim diplomatik pasportların verilməsi ilə bağlı bir sualım var. Burada bütün kateqoriyadan olanlar sadalanır, amma Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yalnız sədrinə diplomatik pasport verilir. Konstitusiya Məhkəməsi Aparatının rəhbər işçilərinə, Məhkəmə-Hüquq Şurasının üzvlərinə verilir, amma Mərkəzi Seçki Komissiyasının 18 üzvü var, onlara verilmir. Mərkəzi Seçki Komissiyası hər halda həm Azərbaycanın ictimai-siyasi həyatında, həm də tutduğu vəzifəyə görə kifayət qədər böyük bir strukturdur. 17 nəfərə diplomatik pasport vermək o qədərmi çətindir? Mən təklif edərdim ki, Mərkəzi Seçki Komissiyasının bütün üzvlərinə diplomatik pasport verilsin. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Düzgün təklifdir, bunu nəzərə alarıq. Qüdrət Həsənquliyev.

Q. Həsənquliyev. Mən də həmin məsələyə toxunmaq istəyirdim. Ona görə ki, biz Məhkəmə-Hüquq Şurasının üzvlərinə diplomatik pasport veririk, amma prezidenti seçən, ali qanunverici orqanı formalaşdıran qurumun üzvlərinə vermirik. Mən özüm də Mərkəzi Seçki Komissiyasının katibi olmuşam. Mərkəzi Seçki Komissiyasının üzvləri tez-tez bu və ya digər ölkəyə dəvət alırlar, müxtəlif konfranslara gedirlər. Onlara hətta VİP salonundan istifadə etməyə də icazə vermirlər. Məncə, bu məsələni də həll etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Arzu Səmədov.

A. Səmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Bilirsiniz ki, bütün normal ölkələrdə 18 yaşına çatmamış vətəndaşlara ümumi vətəndaşlıq pasportu verilir. Azərbaycanda isə belə bir praktika yoxdur. Bizim 18 yaşına çatmamış vətəndaşlarımızın xaricə gedib-gəlməsi xeyli çətin bir məsələdir. Hətta təsəvvür eləyin ki, atanın, yaxud ananın pasportunda uşaqların şəkli var, biri aparırsa, digəri ona vəkalətnamə verməlidir. Uşaqları qohumların aparması daha çox problem yaradır.

Gürcüstandan Azərbaycana gələn uşaqları kimsə gətirirsə, valideynlərdən birinin etibarnamə verməsi yetərlidir. Gürcüstanda bizim yüz minlərlə soydaşımız var və onların gediş-gəlişində çox böyük problem var. Yay tətilidir. Yəqin ki, yüzlərcə uşaq Gürcüstana getmək, baba-nənələrinin yanında dincəlmək istəyir. Bu problemi heç cür həll eləmək mümkün deyil. Bu problemin həll olunması üçün mütləq onlara ümumvətəndaşlıq pasportunun verilməsi lazım gəlir. Bu məsələni ona görə qaldırıram ki, Milli Məclis öz səlahiyyətlərindən istifadə etsin və bizdə də 18 yaşına çatmamış uşaqlara pasport verilməsinə başlanılsın. Uşaqlar olduğuna görə onlara pasport verilməsi də bir az sadələşdirilsin, rüsum da bir az aşağı salınsın. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, çıxış eləyəndə bir az diqqətli olun. Azərbaycanda yaşayırıq, Azərbaycan normal ölkədir, qanunları da normal qanunlardır. Kimin xoşu gəlmirsə, yaşamaya bilər. Məsələ qaldırırsınız, baxarıq. Birincisi, 18 yaşına çatmayan vətəndaşlara lazım olan hallarda pasport verirlər. İdmançılar və digər başqa kateqoriyadan olan şəxslər bu qəbildəndirlər. Ancaq bunu tam şəkildə həll eləmək üçün işləmək lazımdır. Təklif verirsiniz, baxarıq. Pənah Hüseyn.

P. Hüseyn. Çox təşəkkür edirəm, Oqtay müəllim. Əli müəllimin izahatı mənim çıxışımın məzmununu bir qədər dəyişdirdi. Həqiqətən, bizə verilən arayışda yazılıb ki, cinayət işi qaldırılıbsa, yaxud məhkum edilibsə – müvafiq olaraq iş üzrə icraat qurtaranadək və ya cəzanı çəkib qurtaranadək, yaxud cəzadan azad edilənədək məhdudlaşdırma bu parametrlərə görə götürülür. Hər halda hüquqşünaslar arayış verərlər, eyni məsələ barədə faktiki olaraq iki qanun mövcuddur.

Səhv eləmirəmsə, 1994-cü il noyabrın 19-da “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanunu haqqında” Əsasnamə Milli Məclis tərəfindən təsdiq olunub, qanuni qüvvə alıb. Burada bir çox məsələlər təkrardır. Bu məhdudlaşdırma həm də vətəndaşa pasport verilməməsi ilə həyata keçirilə bilər. Bir neçə dəfə bu məsələ qaldırılıb. Hakimlər məsələsi müzakirə edilərkən insan hüquq və azadlıqları barədə müddəa ilə çıxış edənlər tərəfindən bu xatırlandı.

Mənim fikrimcə, Azərbaycan Respublikasının vətəndaşına pasport verilməsi formasında onun gedib-gəlməsinin məhdudlaşdırılması çox ciddi, fundamental şəkildə Azərbaycan Respublikası vətəndaşının hüquqlarından birini qanunsuz olaraq məhdudlaşdırır. Belə ki, əgər bu və ya digər səbəblərə görə ölkədən getməyin məhdudlaşdırılması barədə müvafiq orqan, – konkret halda cinayət icraatı orqanı, – qərar qəbul eləyibsə, bu barədə sərhədçi qurumlara, yaxud viza və sair məsələlərə nəzarət edən digər orqanlara məlumat verilir və onlar da vətəndaşın gedib-gəlməsinin məhdudlaşdırılması haqqında məsələni həyata keçirirlər. Çünki həmin qanunda var ki, əvvəlcədən bunun pasportu varsa, məhdudlaşdırma həmin orqanlar tərəfindən həyata keçirilir, lakin ondan pasport alınmır.

Bu məsələni qaldırmağımın konkret səbəbi var. Bilirsiniz ki, Avropa Şurasının Parlament Assambleyasının son sessiyasında məruzəçi tərəfindən müxalifətin əsas liderlərindən olan Əli Kərimliyə pasport verilməsinin məhdudlaşdırılması haqqında məsələ qaldırılmışdı. Hesab edirəm ki, müvafiq orqanlar bu məsələyə son verməlidirlər. Bu, qarşıdurmaya gətirən və siyasi rəqabətin etik qaydalarına uyğun olmayan bir addımdır. Digər tərəfdən isə belə bir qanun var. Mənim fikrimcə, Konstitusiyaya zidd olaraq salınmış bu müddəaya istinad edirlər. Çox yaxşı olardı ki, yanlış deyilən məsələ doğru olaydı və bu müddəa əsasnamədən və qanunun özündən çıxarıla idi. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Adil Əliyev.

A. Əliyev. Çox sağ olun, Oqtay müəllim. Oqtay müəllim, mənim bu qanun layihəsi ilə bağlı həm sualım, həm də təklifim var. İcazə versəniz, ilk növbədə təklifimi irəli sürərdim. Mənə müraciət edən insanların sayından görürəm ki, diplomatik, xidməti və adi pasportlarda səhifələrin az olmasından Azərbaycan vətəndaşları çox əziyyət çəkirlər. Elə insanlar var ki, çox nadir hallarda respublikanı tərk edirlər. Ancaq elə insanlar var ki, onlar tez-tez xarici səfərlərə gedirlər, pasportlarında viza üçün yer qalmır və məcbur olub tez-tez pasport alırlar. İmkan olsaydı, gələcəkdə səhifələrin artırılması məsələsinə baxılardı.

İkinci məsələ. Burada yazılıb ki, Baş prokurora və onun müavinlərinə. Bakı şəhər prokuroru və prokurorluğun idarə rəisləri burada yazılmayıb, onlar da prokurorun müavinləri gedirlər. Bir də, güc nazirliklərinin, təbii ki, hamısında diplomatik pasport var, amma nədənsə onların adları bu qanun layihəsində yoxdur. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Başqa çıxış eləmək istəyən yoxdur. Əli müəllim, xahiş edirəm, suallara qısa şəkildə cavab verin.

Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu sualların bir qismi gündəlikdəki 10-cu məsələ ilə bağlı idi. Düzü, mən gözləməzdim ki, həmin qanun layihəsinə bu qədər diqqət verilə. Çünki “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna etdiyimiz dəyişikliklər məhkəmə islahatları nəticəsində yaradılmış yeni məhkəmə instansiyası sədrlərinin adlarının qeyd olunması ilə əlaqədardır. Yəni köhnə ləğv olunur, buna yeni ad əlavə edilir. Bu, texniki xarakter daşıyır. Ona görə burada meydana çıxan “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna kimlərin adının salınması ilə bağlı məsələ artıq başqa bir mövzudur. Mən istəmirəm, geniş bir arayış verim, amma bunlar müzakirə predmeti ola bilər. Bizim komissiyada bu barədə müzakirə apara bilərik.

Fürsətdən istifadə edib, qeyd etmək istəyirəm ki, Arzu müəllimin qaldırdığı məsələ artıq bizim komissiyada müzakirə olunur. Hörmətli Sədr, Sizin tərəfinizdən də Aparata müvafiq tapşırıqlar verilib, hətta bir qanun layihəsi də hazırlanıb. Biz müvafiq orqanlarla 18 yaşına çatmayan uşaqlara pasport verilməsi məsələsini müzakirə edirik. Amma demək istəyirəm ki, bunları etmək, yəni kimisə diplomatik və ya xidməti pasportla təmin etmək, bunu qanuna yazmaq və izah etmək elə-belə asan iş deyil. Burada müzakirələrə ehtiyac var. Mən söz verə bilərəm ki, qaldırılan hər bir məsələyə komissiyada diqqətlə yanaşılacaq. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri (saat 14.13 dəq.)

Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədədir. Ziyafət Əsgərov, buyurun.

Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.

Sağ olun, hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İki qanuna dəyişikliklər təklif olunur. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin 94-cü maddəsinin birinci abzasının birinci cümləsində “ən ciddi hərbi sirr kimi” sözləri “məxfi” sözü ilə əvəz edilir. Bu nə ilə bağlıdır? Bilirsiniz ki, biz “Dövlət sirri haqqında”, “Kəşfiyyat, əks-kəşfiyyat haqqında” və “Milli təhlükəsizlik haqqında” qanunlar qəbul eləmişik. Bu yaxınlarda da Milli təhlükəsizlik konsepsiyası qəbul olundu. Yəni qanunların unifikasiyası nöqteyi-nəzərindən cənab Prezident təklif edir ki, burada “məxfi” sözü yazılsın. İlk dəfə olaraq “Dövlət sirri haqqında” Qanunda “məxfi” sözü işlədilib. Bütün qanunvericilik aktlarında da eyni termin işlənsin deyə, bu təklif irəli sürülüb.

İkinci, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə dəyişikliklər təklif olunur. 2-ci maddədə, 69-cu maddənin altıncı abzasında, 116-cı və 126-cı maddələrdə “hərbi və dövlət sirləri” sözləri “dövlət sirrini” sözləri ilə əvəz olunur. Bu da dediyim həmin qanundan irəli gələn məsələdir. “Dövlət sirri haqqında” Qanunun 4-cü maddəsində, ümumiyyətlə, bütün sirlər “dövlət sirri” adı altında birləşdirilir. Artıq hərbi sirr dövlət sirrində ehtiva olunduğuna və bütün qanunvericilik aktlarında eyni termin işləndiyinə görə bu cür təklif olunub. Əgər biz bu qanunda “dövlət sirri”, digər bir qanunda “hərbi sirr və dövlət sirri” yazsaq, onda bu, qanunu tətbiq eləyən orqanların praktikasında müəyyən qədər anlaşılmazlığa gətirib çıxara bilər. Bu, yerində olunan təklifdir. Mahiyyət bundan ibarətdir və mən sizi bu qanun layihəsində edilən dəyişikliklərə səs verməyə çağırıram. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Bu bizim qəbul elədiyimiz qanunların unifikasiyası məsələsidir. Elmira Axundova.

E. Axundova. Çox sağ olun, cənab Sədr. Mən adı çəkilən qanunlarda dəyişiklikləri zəruri hesab edirəm və onlara səs verəcəyəm. Fürsətdən istifadə edərək silahlı qüvvələrimizi bir neçə gündən sonra qeyd olunacaq 89-cu ildönümü münasibəti ilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar diləyirəm.

İcazənizlə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindəki vəziyyətlə əlaqədar mülahizələrimi bir neçə kəlmə ilə diqqətinizə çatdırım. Mən jurnalist və indi də millət vəkili kimi 10 ildən artıqdır, müntəzəm olaraq ordu hissələrinə gedirəm, ali məktəblərdə, hospitallarda oluram və öz gözümlə orada olan köklü dəyişiklikləri görürəm. Tam məsuliyyətlə demək olar ki, bu gün silahlı qüvvələrimizin döyüş qabiliyyəti, şəxsi heyətinin peşə hazırlığı, intellektual səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Ötən il və bu il atəşkəsi mütəmadi olaraq pozan düşmənə verilən layiqli cavablar ordumuzun ərazi bütövlüyümüzün, dövlətçiliyimizin təminatçısı kimi özünü doğrultduğunu sübut edir. Azərbaycan Respublikasının Silahlı Qüvvələri 13– 14 il bundan əvvəlki siyasiləşmiş silahlı dəstələrin yığnağı deyil. Vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə, hər hansı düşmənə layiqli cavab verməyə qadir bir qüvvədir.

Əlbəttə ki, silahlı qüvvələrimizdə problemlər də mövcuddur. Belə ki, zabit heyətinin əmək haqqının ildən-ilə artmasına baxmayaraq, bu məvacib onların, xüsusi ilə də ön cəbhədə xidmət edənlərin ən ümdə tələbatının ödənilməsi üçün hələ kifayət deyildir. Misal üçün, tabeliyində təxminən 2000 zabitin xidmət etdiyi korpus komandirinin – generalın əmək haqqı hakimin və ya prokurorun əmək haqqından ən azı 3 dəfə azdır. Ümid edirik ki, yaxın gələcəkdə ölkə rəhbərliyinin təşəbbüsü ilə hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi və mənzil probleminin həlli istiqamətində işlər görüləcəkdir.

Bir qrup deputat hərbi hissələrdə olarkən gördük ki, yüksək rütbəli zabitlər öz kabinetlərində gecələməli olur, orta zabit heyəti isə rayon mərkəzlərində və ya kəndlərdə kirayədə qalırlar. Onlar öz ailələrindən kənarda yaşayır, arvad-uşaqlarını az-az görürlər. Bütün bunlar hərbi qulluqçuların mənəvi, psixoloji vəziyyətinə ciddi təsir göstərir. Düzdür, hərbi qulluqçular müntəzəm olaraq mənzillə təmin olunurlar. Məsələn, 2003– 2005-ci illərdə mindən çox hərbi qulluqçu mənzil alıb. 2006-cı ildə isə 165 mənzilin inşasına başlanmışdır. Hesab edirəm ki, bu proses daha böyük sürətlə getməlidir və büdcə vəsaitindən başqa, özəl kapital da müəyyən güzəştlərlə zabitlər üçün evlərin inşasına cəlb olunmalıdır.

Təhsil Nazirliyi, yaradıcı birliklər orta və ali məktəblərdə gənclərin ali hərbi vətənpərvərlik tərbiyəsini gücləndirmək üçün Qarabağ müharibəsində Azərbaycan əsgərləri və zabitlərinin döyüş rəşadətini əks etdirən sənədli və bədii filmlərin çəkilməsinə, tarixi və publisistik kitabların yazılmasına dair konkret proqram işləyib hazırlamalıdır. Azərbaycan mətbuatı, radio və televiziya ən yaxşı ənənələrin təbliğinə, millətin döyüş ruhunun yüksəldilməsinə, cəmiyyətin silahlı qüvvələrə məhəbbət və hörmət ruhunda tərbiyə edilməsinə istiqamətləndirilməlidir. Ölkəmizdə onlarca qeyri-hökumət təşkilatı fəaliyyət göstərir, ancaq onların əksəriyyətinin vətənpərvərlik tərbiyəsi sahəsində gördüyü işləri qənaətbəxş hesab etmək olmaz.

Sonda mən deputatlarımıza üz tutub təklif etmək istərdim, gəlin, milli ordumuzla işgüzar əlaqələr yaradaq. Qruplara bölünək, bu və ya digər ordu hissələrinə rəsmi qaydada təhkim olunaq. Bizim aramızda humanitar sahədə işləyən alimlər, yazıçılar, keçmiş idman ustaları var. Biz zabit və əsgərlərlə maraqlı görüşlər keçirə, onlara lazımi tövsiyələr verə bilərik. Eyni zamanda, hissələrdə real vəziyyətlə tanış olub yuxarı instansiyaları məlumatlandıra bilərik. Bir sözlə, millət vəkilləri ordu ilə cəmiyyət arasında vasitəçi, körpü rolunu oynaya bilər. Silahlı qüvvələr hamımızdan hörmət və konstruktiv kömək gözləyir. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Elmira xanım, kimisə hərbi hissələrə təhkim etmək lazım deyil. Bizim deputatlar hərbi hissələrə də, cəbhə bölgəsinə də gedirlər və onları orada yaxşı da qəbul edirlər. Biz burada qanun layihəsinə edilən dəyişiklik haqqında danışırdıq. Pənah Hüseyn, buyurun.

P. Hüseyn. Çox sağ olun. İndi deyəcəyim məsələni komissiyada da qaldırmışdım və verilən izahat, sözün doğrusu, məni qane eləmişdi. Amma mən “Dövlət sirri haqqında” Qanuna bir də baxdım. “Dövlət sirri haqqında” Qanunun 5-ci maddəsində dövlət sirri təşkil eləyən məlumatların siyahısı sadalanır. 5.1-ci maddədə hərbi sahədə dövlət sirrini təşkil edən məlumatlar göstərilir. Bunların içərisində bu gün elədiyimiz dəyişikliyi özündə ehtiva eləyən məlumat yoxdur. Yəni belə çıxır ki, hər hərbi sirr dövlət sirri deyil, yaxud hər məxfi məsələ dövlət sirri deyil. Çünki qanunda iqtisadi və digər başqa sahələrdə dövlət sirrinin nədən ibarət olması konkret olaraq göstərilir. Ona görə bu, bir anlaşılmazlıq yaradacaqdır. Bu nədən ibarət olacaq?

Dövlət sirrini pozmağa görə xüsusi ağır məsuliyyət, o cümlədən cinayət məsuliyyəti nəzərdə tutulur. Təbii ki, burada məxfiləşmə dərəcələri və sair göstərilir, bu, aydındır. Amma bir daha təkrar edirəm, mən istərdim ki, bu məsələyə bir də bizim hüquqşünaslar diqqət yetirsinlər. Məsələnin qeyd elədiyim tərəfi budur ki, dövlət sirrinin məsuliyyət yaradıcı normaları var, bu məsələ ilə bağlı olsun, bu məsələyə aydınlıq gətirilsin. Hərbi sahədə dövlət sirri təşkil eləyən məlumatları bir neçə dəfə oxudum, onlar bu kateqoriyaya daxil olmur.

Bir halda ki söz aldım, İmamverdi müəllimin səbr kasasının daşmasına baxmayaraq, Elmira xanımın dediklərinə dəstək verirəm və bir məsələni əlavə edirəm. Hələ 1991-ci ildə qəbul olunmuş “Hərbi qulluqçuların statusu haqqında” Qanuna görə gizirlər də daxil olmaqla hərbi qulluqçuların maaşı dövlət qulluqçularının orta əmək haqqından aşağı ola bilməz. Orada belə bir konkret müddəa vardır. Mən çox istərdim, mühümlüyü nəzərə alınaraq bu məsələyə baxılsın, hərbi qulluqçuların məvacibinin heç bir halda dövlət qulluqçularının orta əmək haqqından aşağı olmasına yol verilməsin. Belə hal varsa, həmin əmək haqqı qaldırılsın. Danışdığıma görə də səbirsizlərdən üzr istəyirəm.

Sədrlik edən. Pənah bəy, çox yaxşı çıxış edirsiniz, çox sağ olun. Ziyafət müəllim, əgər sözünüz varsa, buyurun.

Z. Əsgərov. Cənab Sədr, bir kəlmə ilə izahat vermək istəyirəm. Hərçənd komissiyada izahat vermişdim və Pənah müəllim də 5-ci maddəni misal gətirmişdi. Söhbət hərbi sirr təşkil eləyən dövlət sirrindən gedir. Yəni yenə də burada söhbət vahid unifikasiya olunmuş terminologiyadan gedir. Əgər sizi orada qane eləməyən nəsə varsa, biz buna baxa bilərik və “Dövlət sirri haqqında” Qanunda da müəyyən dəyişikliklər problem deyil. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.


Səsvermənin nəticələri (saat 14.24 dəq.)

Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Əli Hüseynov buyursun.

Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Adı belə görünsə də, mahiyyətcə texniki məsələdir. Artıq Ziyafət müəllim məlumat verdi, “Dövlət sirri haqqında” Qanuna görə, “hərbi” sözü də bu anlayışın içindədir. Texniki düzəlişdir. Amma, cənab Sədr, fürsətdən istifadə edərək biz yeni qanunların qəbulu ilə bağlı çalışmalıyıq ki, o düzəlişləri paket şəklində təqdim edək, bu cür vaxt israfçılığına yol verməyək. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.26 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikasının bayramları ilə əlaqədar “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-III QD nömrəli Qanununun icrası ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqındadır. Ziyafət Əsgərov, buyurun.

Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, biz dövlət bayramları ilə əlaqədar qanuna əlavə və dəyişikliklər elədik, iş günü hesab edilməyən bir neçə dövlət bayramı müəyyən olundu. Bununla əlaqədar müvafiq qanunvericilik aktlarına dəyişiklik edilir.

“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin birinci bəndində “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq olunmuş “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 133-cü maddəsinin beşinci bəndinin on dördüncü abzasında “bayram” sözündən əvvəl “iş günü hesab edilməyən” sözləri əlavə olunur. Mən sizin hamınızı bu dəyişikliklərə səs verməyə dəvət edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədədir. Şəmsəddin müəllim, buyurun.

Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.

Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmişdir. Nəzərinizə çatdırım ki, bu qanun layihəsi 2007-ci il mayın 30-da Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasında müzakirə olunmuş və Milli Məclisə təsdiq olunmaq üçün tövsiyə edilmişdir. Sözü gedən dəyişikliklər, əsasən, “Kitabxana işi haqqında” Qanunun 27-ci maddəsinin birinci hissəsinə, 28-ci maddəsinin birinci hissəsinə və 31-ci maddəsinin üçüncü hissəsinə aiddir. Eləcə də, “Muzeylər haqqında” Qanunun 24-cü maddəsinə qismən dəyişikliklər edilməsi nəzərdə tutulur. Bu dəyişiklik mahiyyət etibarı ilə dövlət kitabxanalarının dövlət büdcəsindən maliyyələşdirilməsini və mövcud qanunvericiliklə qadağan olunmayan mənbələrdən daxil olan vəsaitlərdən istifadə istiqamətlərini dəqiqləşdirir.

Nəzərinizə çatdırım ki, qüvvədə olan “Kitabxana işi haqqında” Qanuna görə dövlət kitabxanalarının maliyyələşdirmə mənbəyi kimi yalnız dövlət büdcəsi nəzərdə tutulub. Kitabxanaların müxtəlif xidmətlər vasitəsi ilə büdcədənkənar əldə etdiyi gəlirlər, eləcə də qanunla qadağan olunmayan digər fəaliyyət növlərindən əldə etdiyi vəsait maliyyə mənbəyi kimi göstərilmir və bu vəsaitlər bütünlükdə dövlət büdcəsinə köçürülürdü. Bu dəyişikliklər birinci növbədə sözü gedən vəsaitlərin maliyyələşdirmə mənbəyi kimi nəzərdə tutulmasını, eləcə də, həmin vəsaitlərin dövlət kitabxanalarının sərəncamında qalmasını və onların hesabına dövlət kitabxanalarında büdcədənkənar fondların yaradılmasını nəzərdə tutur. Bu fondlardan da, əsasən, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırılması, əməyin stimullaşdırılması və nizamnamədə nəzərdə tutulmuş digər məqsədlər üçün istifadə olunması nəzərdə tutulur.

“Muzeylər haqqında” Qanuna edilən dəyişikliklər də mahiyyət etibarı ilə bunun eynidir. Hörmətli millət vəkilləri, bu gün ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinin, xüsusi ilə kitabxanaların maddi-texniki bazasının, kitab fondunun genişləndirilməsinin olduqca mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, belə hesab edirik ki, həmin dəyişikliklər bu sahədə nəzərdə tutulan vəsaitlərdən daha səmərəli istifadə olunmasına imkan yarada bilər. Ona görə də hamınızdan xahiş edirik ki, qanun layihəsinin təsdiq olunmasına səs verəsiniz. Sağ olun.

Sədrlik edən. Sağ olun. Nizami müəllim, əlavəniz var?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Sabir Rüstəmxanlı çıxış etmək üçün yazılıb. Buyurun.

S. Rüstəmxanlı. Mən prinsipcə bu gün qəbul elədiyimiz qanunların içərisində bu dəyişikliyi seçilən və mədəniyyətimizin inkişafı baxımından çox mühüm bir dəyişiklik hesab edirəm. Çünki ali məktəblər belə kitabxana və muzeylərdən fərqli olaraq öz gəlirinin müəyyən hissəsindən özü üçün istifadə edir. Amma kitabxanalarda və muzeylərdə əldə edilən məhdud vəsaitin hamısı büdcəyə keçirilir. Bu baxımdan kitabxanaların beynəlxalq əlaqələri, muzeylərin xidmət dairələri genişlənir. Belə bir vəziyyətdə onların əldə elədiyi vəsaitin sərbəst buraxılması və bundan onların maddi-texniki bazasının inkişafı üçün istifadə olunması, məncə, mədəniyyətimizin bu sahəsində çalışanların həyatında ciddi dəyişiklik yaradacaq. Qanun layihəsi mütləq qəbul olunmalıdır. Sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.33 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.

Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Rafael Cəbrayılova söz verilir.

R. Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü.

Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan xalqının həyat və sağlamlığının mühafizəsi, onun müxtəlif cinayətkar qəsdlərdən qorunması Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan xalqının sağlamlığı Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü kimi məsələlərlə bir sırada durur. Azərbaycan xalqının sağlamlığı, qeyd elədiyim kimi, dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Yalnız sağlam olan xalq sağlam siyasətə malik ola, sağlam dövlət qura bilər. Yalnız sağlam olan xalq dövlət sivilizasiyasına sağlam töhfələr verə bilər. Yalnız sağlam olan xalq digər xalqların, ələlxüsus da qonşularının maddi və mənəvi sərvətlərinə göz dikməz, yalnız öz maddi və mənəvi sərvətlərinə arxayın olub, dünya xalqlarının siyasi ailəsində özünə layiqli yer tuta bilər. Azərbaycan xalqının həyat və sağlamlığının mühafizəsi, onun müxtəlif cinayətkar qəsdlərdən, ələlxüsus da saxta, keyfiyyətsiz dərman vasitələrindən qorunması 2007-ci il may ayının 23-də ölkə rəhbərinin sərəncamı ilə təsdiq olunmuş Milli təhlükəsizlik konsepsiyasında öz əksini tapıb. Milli təhlükəsizlik konsepsiyasının 4.3.10-cu maddəsində yazılır: “Əhalinin sağlamlığının qorunması üçün dərmanların keyfiyyətinə nəzarət mexanizmlərinin və saxta dərmanlara qarşı mübarizənin gücləndirilməsi zəruridir”.

Hörmətli həmkarlarım, müzakirənizə təqdim olunan qanun layihəsi “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun tələblərinə uyğun olaraq qanunvericilik təşəbbüsü qaydasında mənim tərəfimdən hazırlanmışdır. Bu qanunun hazırlanması və bu məcəllələrə həmin maddələrin daxil edilməsi hansı zərurətdən irəli gəlibdir? Əvvəlcə xatırlatmaq istəyirəm ki, 2006-cı ilin dekabr ayında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununu üçüncü oxunuşda qəbul etdik. Həmin qanunun 18-ci maddəsinə əsasən “Dərman vasitələri haqqında” Qanunun tələblərinin pozulmasına görə cinayət məsuliyyətləri müəyyən olunur. Bu o demək idi ki, Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrinə müəyyən maddələr əlavə edilməlidir. Həmin maddələrin qəbul edilməsi haqqında qanun layihələrinin işlənib hazırlanması bu qanundan doğan məntiqi və hüquqi zərurətdən irəli gəlirdi.

Digər tərəfdən də həmin qanun qəbul olunandan sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində müəyyən boşluqlar meydana gəldi. Bu boşluğun doldurulması üçün bu gün bu maddələrin qəbul edilməsi xüsusi ilə zəruridir.

Digər tərəfdən, istərdim ki, saxta, keyfiyyətsiz dərmanların dövriyyəsi ilə bağlı Azərbaycanda və dünyada yaranmış bir sıra problemləri həmkarlarımın diqqətinə çatdırım. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən hər il Hindistanda 24 milyard dollar dəyərində dərman vasitələri istehsal olunur. Bu, Azərbaycanın dövlət büdcəsindən təxminən 3 dəfə artıqdır. İkinci yerdə Çin durur. Ümumdünya Səhiyyə Təşkilatı da çox təəssüf hissi ilə qeyd eləyir ki, saxta dərmanların istehsalına görə də birinci yerdə Hindistan, ikinci yerdə Çin durur, sonra bir sıra Avropa ölkələri – Bolqarıstan, Çexiya və Polşa gəlir. Sözsüz ki, saxta, keyfiyyətsiz dərman vasitələrinin dövriyyəsi acınacaqlı nəticələrə gətirib çıxarmaya bilməz.

Bununla bağlı uzun-uzadı danışmaq istəmirəm, amma dünyada baş verən bir neçə məqama həmkarlarımın diqqətini cəlb etmək istəyirəm. Keyfiyyətsiz peyvənddən istifadə etdiklərinə görə 1995-ci ildə Nigeriyada 2500 nəfər adam dünyasını dəyişmişdi. Buna görə dünyanın bütün sivil ölkələrində inzibati və cinayət məsuliyyətləri müəyyən olunub. Hər bir dövlət, hər bir xalq özünün inkişaf səviyyəsinə uyğun olaraq müxtəlif cəzalar müəyyən edib. Cəzaların ciddiliyindən danışanda mən Filippin dövlətini xatırlamaya bilmərəm. Orada dövlət qeydiyyatından keçməyən dərman vasitələri saxta hesab olunur və buna görə ömürlük həbs edilməyə qədər çox ciddi cəza nəzərdə tutulur.

Hörmətli həmkarlarım, Cinayət Məcəlləsinə 200-1, İnzibati Xətalar Məcəlləsinə isə 68-4-cü maddələrin əlavə edilməsi ilə bağlı qanun layihəsi sizdə var. O maddələrin məzmunu haqqında uzun-uzadı danışmaq istəmirəm. Sadəcə olaraq, bir zərurəti vurğulamaq istəyirəm ki, bu maddələrin qəbul edilməsi həyatın reallıqlarından irəli gəlir. Çünki dərman vasitələrindən zəhərlənmə və ya insan ölümü ilə nəticələnən hallar olsa belə, Cinayət Məcəlləsində cinayət işinə başlamaq üçün müvafiq maddə yoxdur. Diqqətinizə çatdırım ki, biz keçən ilin dekabr ayında qəbul etdiyimiz “Dərman vasitələri haqqında” Qanunda Cinayət Məcəlləsinə müvafiq maddənin salınmasını qeyd etmişik. Həm də nəzərə alaq ki, cinayət hüququnda qanunun analogiyasına yol verilmir və qəbul edəcəyimiz maddə ağırlaşdırıcı maddə olduğundan yalnız özü qəbul olunandan sonrakı hadisələrə tətbiq olunacaq. Ona görə də bu maddənin qəbul olunmasının zəruriliyi bir daha özünü göstərir.

İnzibati Xətalar Məcəlləsinə də dediyim maddənin əlavə edilməsini xüsusi ilə zəruri hesab edirəm. Çünki hər hansı saxta, keyfiyyətsiz dərman məhsullarının satılmasına görə apteklərin cərimələnməsinə hüquqi baza verən maddə bu gün bizim İnzibati Xətalar Məcəlləsində yoxdur.

“Dərman vasitələri haqqında” Qanuna görə Azərbaycan Respublikasında dərman vasitələrinin reklamı qadağandır. Amma bu gün də kütləvi informasiya vasitələrində bu, reklam olunur. Bu maddənin İnzibati Xətalar Məcəlləsinə əlavə olunması bundan sonra müvafiq inzibati strukturların, konkret halda Səhiyyə Nazirliyinin müxtəlif qurumlarının dərman vasitələrinin reklamına qarşı mübarizəsini daha da kəsərli edəcək.

Mən bu maddə ilə bağlı bir məsələni xüsusi olaraq nəzərinizə çatdırmaq istəyirəm. Burada Cinayət Məcəlləsinə əlavə olunan 200-1-ci maddədə “xeyli miqdar” sözlərinin anlayışı verilir. Mənim təklifim belə idi ki, şərti maliyyə vahidinin min mislindən iki min mislinə qədər olan hissə “xeyli miqdar” adlansın. Həm də “xeyli miqdar”ın aşağı hissəsi əməlin inzibati xəta və ya cinayət əməli olması arasında sərhədi müəyyən eləyir. Əgər nəzərə alsaq ki, şərti maliyyə vahidi 1 manat 10 qəpikdir, onda hesab edirəm ki, “xeyli miqdar” ifadəsi şərti maliyyə vahidinin min misli olsa, daha məqsədəuyğun olar.

Orada ikinci variantda yazılıb. Bu, müzakirələr zamanı meydana çıxdı. Düzdür, mən onu müdafiə eləmirəm və hesab edirəm ki, 500 mislindən 2000 mislinə qədər olan hissə “xeyli miqdar”ın mahiyyətini düzgün müəyyən etmir. Çünki şərti maliyyə vahidinin 500 misli təxminən 550 manatdır. 550 manata görə də Azərbaycan Respublikasının vətəndaşını məhkum etmək düzgün olmaz. Şərti maliyyə vahidinin min mislindən aşağı hissəsi inzibati xəta hesab olunmalıdır və buna görə də kifayət qədər ciddi cəza müəyyən olunur. Bu maddələrin qəbul olunması sizin tərəfinizdən dəstəklənərsə, qeyd elədiyim məcəllələrdəki boşluqların doldurulması istiqamətində real iş görmüş olarıq və saxta, keyfiyyətsiz dərman məhsullarına qarşı mübarizə aparan müvafiq orqanları hüquqi və inzibati mübarizə vasitələri ilə silahlandırarıq. Əgər suallar meydana çıxarsa, cavablandırmağa hazıram. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Pənah Hüseynin sualı var.

P. Hüseyn. Rafael müəllimdən xahiş edirəm, izah etsin ki, 200-1.4-cü maddədə “digər ağır nəticələrə səbəb olduqda” ifadəsi nə deməkdir? Çünki yuxarıda yazılıb ki, zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda. Bir var ki, zərərli, keyfiyyətsiz dərman verirlər, bu onun səhhətində müəyyən ziyana səbəb olur, bir də var ki, müalicə olunmalı xəstəyə heç bir əhəmiyyəti olmayan saxta dərman verilir. Bəzilərini hətta undan hazırlayırlar. Bu da onun ölümünə və ya xəstəliyin ağırlaşmasına səbəb olur. Bu burada ehtiva olunur, ya yox? Sağ olun.

Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.

S. Rüstəmxanlı. Mən qanun layihəsi haqqında məlumat verən Rafael bəyin sonuncu qeydi ilə bağlı demək istərdim ki, “xeyli” sözü ilə “külli” sözünün arasındakı fərq məlum ol mur. Ola bilsin, biri xeyli miqdarda istehsal eləsin. Məsələn, az miqdarda amma 10 dəfə istehsal edə bilər. O biri isə bir dəfə külli miqdarda istehsal edər. Bunun neçənci dəfə olması da nəzərə alınmalıdır və “xeyli” ilə “külli” sözləri arasındakı fərq dəqiqləşdirilməlidir. Belə olmasa, bu, problem yarada caq. Sağ olun.

Sədrlik edən. Fəzail müəllim, sualınız var? Buyurun.

F. Ağamalı. Rafael müəllim, təbii ki, çox ciddi məsələ qaldırmısınız. Mən buna müsbət yanaşacağam və səs də verəcəyəm. Ancaq niyə “az miqdarda”nı axırda verirsiniz, “xeyli miqdarda”nı önə çıxarmısınız? Olmazmı ki, bunun yerini dəyişəsiniz? Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, normal qanun layihəsidir, üzərində məsuliyyətlə işlənilib. Çıxış üçün təkid edən varmı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Rafael müəllim, xahiş edirəm, suallara qısa şəkildə cavab verin.

R. Cəbrayılov. Hörmətli həmkarım Pənah bəy dedi ki, xəstəyə keyfiyyətsiz dərmanların verilməsi onun səhhətinə ziyan verə və ya ölümünə səbəb ola bilər. Hörmətli həmkarımın nəzərinə çatdırmaq istəyirəm ki, bu, artıq müalicənin düzgün aparılmamasıdır. Bu, tamamilə başqa bir cinayət tərkibidir. Bu cinayətin tərkibi bu maddənin dispozisiyasında verilib: saxta, keyfiyyətsiz dərman məhsullarının istehsalı, idxalı, satışı.

Sabir müəllimin sualına gəldikdə isə demək istəyirəm ki, “xeyli miqdar”, “külli miqdar”, “az miqdar” ifadələri cinayət qanunvericiliyində istifadə olunan terminlərdir. Burada da cinayətin ictimai təhlükəsizlik dərəcəsi nəzərə alınaraq “xeyli miqdar”ın, “külli miqdar”ın anlayışı verilib. “Xeyli miqdar” dedikdə şərti maliyyə vahidinin min mislindən iki min mislinə qədər, “külli miqdar” dedikdə isə iki min mislindən yuxarı olan hissəsi başa düşülür.

Hörmətli həmkarım Fəzail müəllim dedi ki, əvvəl “xeyli miqdar”, sonra “külli miqdar”, daha sonra isə “az miqdar” sözləri sıralanır. Həmkarımın nəzərinə çatdırım ki, burada söhbət sıralanmadan deyil, bu maddənin ayrı-ayrı məcəllələrə daxil olmasından gedir. 200.1-ci maddə Cinayət Məcəlləsinə əlavə olunur və ona aid olan “xeyli miqdar” və “külli miqdar”ın anlayışı burada verilir. 68.4-cü maddə isə İnzibati Xətalar Məcəlləsinə əlavə olunur. Ona görə də “az miqdar” anlayışı orada verilir. Burada sıralamadan söhbət getmir. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Gündəlikdə duran 17-ci məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Vergi Məcəlləsinə edilən əlavələr və dəyişikliklər elektron bəyannamələrin tətbiqi ilə əlaqədardır. Vergi Məcəlləsinin 72-ci maddəsinə bir bənd əlavə olunub. Qanun layihəsi sizə paylanılıb. Bu maddənin qəbulu vergi inzibatçılığının təkmilləşdirilməsinə səbəb olacaq və vergi ödəyicilərinə daha mütərəqqi və sivil vergi xidmətlərinin təqdim edilməsinin hüquqi bazasını təşkil edəcəkdir. Bunun nəticəsində vergi ödəyicilərinin bəyannamələrinin kağız variantında tərtibi zamanı yol verilən lüzumsuz vaxt itkisinin qarşısı alınacaqdır. Millət vəkillərini bu dəyişikliyə səs verməyə dəvət edirəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri
(saat 14.48 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Sonuncu məsələ “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin üçüncü hissəsində “şərti maliyyə vahidinin 1400 misli” sözlərinin “1950 manat” sözləri ilə əvəz edilməsi təklif edilir. Millət vəkillərindən xahiş edərdim ki, bu dəyişikliyə müsbət münasibətlərini bildirsinlər. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Mənə çox maraqlı gəlir. Keçən dəfə sual verirdilər ki, Milli Məclis Sədrinin maaşı çox aşağıdır. İndi kiçik bir dəyişikliyə görə 24 nəfər çıxışa yazılıb.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Niyə azdır? Mənə bəs eləyir. Deyəsən, çıxış üçün təkid eləyən var. Mən inanmıram ki, bu, təşəkkür üçün olsun. Qüdrət Həsənquliyev, buyurun.

Q. Həsənquliyev. Çox sağ olun. Sözün doğrusu, təşəkkür edirəm ki, millət vəkillərinin qaldırdığı məsələlərə diqqət verdiniz. Bu bizi tam qane eləməsə də, hər halda məsələ müsbət həllini tapır. Amma mən bilirəm ki, gələcək üçün müəyyən razılaşdırmalar da olmalıdır. Dünyanın bir çox ölkələrində spikerin, Baş nazirin maaşları Prezidentin maaşı ilə tənzimlənir. Azərbaycanda spikerin maaşının artırılması həm də parlamentin nüfuzunun qalxmasına böyük töhfə verər. Prezidentlə də bu istiqamətdə məsləhətləşmələr aparıla bilər. Təklif edirəm ki, Milli Məclis Sədrinin məvacibi Prezidentin maaşının 50 faizi miqdarında müəyyən olunsun. Belə olarsa, millət vəkillərinin də maaşı qalxmış olar və bu bir çox deputatların məişət və digər problemlərinin həllinə gətirib çıxara bilər. Amma mən bugünkü təklifə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.

F. Ağamalı. Mən, təbii ki, bu təklifi dəstəkləyirəm. Oqtay müəllim, Sizə təşəkkürümü bildirirəm, az da olsa, deputatların büdcəsinə öz töhfənizi verdiniz. Mən təklif edirəm ki, Milli Məclisin deputatlarının maaşlarının artırılması məsələsi də Prezidentin səlahiyyətinə verilsin. Hamıya məlumdur ki, büdcədən maliyyələşən bütün qurumların əmək haqlarının artırılması Prezidentin sərəncamı ilə tənzimlənir. Nəzərə alaq ki, Milli Məclis də dövlət büdcəsindən maliyyələşir. Mənə elə gəlir ki, Oqtay müəllim, bu təklif reallaşsa, yaxşı olar. Bəzən Milli Məclis özünün maaşını artırmaqda çətinlik çəkir, çünki burada həm də psixoloji məqamlar var.

İkinci təklifim. Hörmətli cənab Sədr, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda göstərilir ki, Milli Məclisin deputatı pensiyaya çıxdıqdan sonra deputatın maaşının 80 faizi çərçivəsində təqaüd alır. Bu çox yaxşı haldır. Amma nəyə görə deputatın diplomatik pasportunu həmişəlik eləməyək? Ona görə də mən xahiş edirəm ki, gələcəkdə qanunda dəyişiklik edilsin, deputatlara verilən diplomatik pasport ömürlük olsun. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.

P. Hüseyn. Bu axırıncı iclasda bizim ünvanımıza xeyli atmacalar deyilib. “Həvəskar” adlandırdınız... Mən keçən iclasda Sizin səsləndirdiyiniz bir fikrə müsbət münasibətimi bildirirəm. Yerlərdə seçicilərlə iş aparmaq üçün xüsusi binaların tikilməsi dəyərli təklifdir. Mən çox xahiş edirəm ki, bu məsələ imkan daxilində sürətləndirilsin. Mən sizi inandırıram ki, bu həm deputatların seçicilərlə iş aparmasına, həm də bütövlükdə demokratiyanın və dövlətimizin əsaslarının möhkəmləndirilməsinə xidmət edən, texniki görünsə də, əslində, çox ciddi bir siyasi məsələdir.

Konkret maaş barədə danışmaq istəyirəm. Bilirsiniz ki, ötən iclaslarda bu məsələ qaldırılandan sonra bu mövzu ətrafında çox ciddi hay-küy qalxdı və mənim adım da daxil olmaqla bir sıra deputatın adı hallandırıldı. Əlbəttə, bu hay-küyün içərisində xeyli demaqoq motivlər vardı. Yəni bu mövzudan yazanlar heç də səmimi deyildilər. Amma bu müzakirələrin gedişində hər halda cəmiyyətin olduqca ciddi sosial problemləri üzə çıxdı və mən istəyirəm, bununla əlaqədar danışım.

Birdəfəlik cəmiyyət bilməlidir ki, söhbət kimlərinsə çox olan maaşlarının artırılmasından getmir. Heç şübhəsiz, hələlik bizim bugünkü maliyyəmizin imkan verdiyi səviyyədə yüksək maaş mövcud deyil. Söhbət məmurlar da daxil olmaqla, əhalinin çox böyük kateqoriyalarının – hərbi qulluqçuların, pensiyaçıların, xüsusi ilə elmi işçilərin olduqca az maaş almasından gedir. Mən istəyərdim, bizi tənqid edənlər bilsinlər ki, bizim əsas istəyimiz seçicilərimizin, cəmiyyətimizin əsas üzvlərinin, aztəminatlı adamların maaşlarının artırılmasına yönələcəkdir. Mən hesab edirəm ki, deputatın maaşının artırılmış hissəsi heç də Fəzail müəllimin dediyi kimi, deputatın büdcəsinin artırılmasına yox, səmimi demək istəyirəm, seçicilərlə aparılan işin yaxşılaşmasına həsr olunacaq. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Mən istəyirəm ki, bu müzakirəni saxlayaq. Artıq ikinci çağırışdır millət vəkiliyəm, hər dəfə millət vəkillərinin maaşları artanda, bu, qəzetlərdə çox hay-küylü yazılara səbəb olur. Yazırlar, maaşları elə artıb ki, onlar xalqı fikirləşmirlər. İndi fikir verirəm, başqa vaxt Milli Məclisin iclasının sonunda jurnalistlərin çoxu qalmırdı, amma indi hamı buradadır. Yəni dediyim odur ki, bu məsələnin təzədən geniş şəkildə müzakirəsinə ehtiyac yoxdur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri (saat 14.58 dəq.)
Lehinə 99
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.

Hörmətli millət vəkilləri, biz, həqiqətən, yaz sessiyasında gərgin, səmərəli işlədik. Mən bu gün qəbul olunan qanunların sayı barədə danışıb vaxtınızı almaq istəmirəm. Sizin hamınıza minnətdarlığımı bildirirəm və Milli Məclisin yaz sessiyasını və növbədənkənar sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi