2007-ci il 9 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  58

Milli  Məclisin  iclas  salonu.
9  oktyabr  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

S. Hüseynova, Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı.

* * *

A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
N. Xəlilov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin müdiri.
M. Məmmədov, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri.
H. Abdullayev, Azərbaycan Sığorta Assosiasiyaları Birliyinin icraçı direktoru.
Z. Mirzəyev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşı.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin Bakıda keçirilmiş səkkizinci iclasının yekunları haqqında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərovun məlumatı.
2. ATƏT-in Parlament Assambleyasının Sloveniyada keçirilmiş payız sessiyasının yekunları haqqında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradovanın məlumatı.
3. Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
4. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə.
5. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə.
6. Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında.
7. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
9. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


* * *

Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin Bakıda keçirilmiş səkkizinci iclasının yekunları haqqında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərovun, ATƏT-in Parlament Assambleyasının Sloveniyada keçirilmiş payız sessiyasının yekunları haqqında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Bahar Muradovanın məlumatları dinlənilmişdir.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

9 oktyabr 2007-ci il. Saat 12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
 O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 93
Yetərsay 83

Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik. Gündəlikdəki məsələlərə keçməmişdən qabaq, icazə verin, ötən dövrdə bir çox beynəlxalq təşkilatlarda keçirilən sessiyalarda, komitə iclaslarında iştirak edən millət vəkillərinin məlumatı sizə çatdırılsın. Bu gün Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin Bakıda keçirilmiş səkkizinci iclasının və ATƏT-in Parlament Assambleyasının Sloveniyada keçirilmiş payız sessiyasının yekunları haqqında qrup rəhbərləri qısaca məlumat verəcəklər. Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclis, Oqtay müəllimin dediyi kimi, Avropa İttifaqının Cənubi Qafqaz Parlamentlərarası Əməkdaşlıq Komitəsinin səkkizinci iclası barədə qısa məlumat təqdim etmək mənim üçün şərəfdir və öz minnətdarlığımı bildirirəm ki, belə bir imkan yaradılıb. Avropa İttifaqının Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsi 1996-cı il aprelin 22-də Azərbaycan Respublikası və Avropa İttifaqı arasında Lüksemburqda imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişə müvafiq olaraq yaradılmışdır. Parlamentlərarası Əməkdaşlıq Komitəsinin əsas təyinatı tərəflərin parlament səviyyəsində qarşılıqlı əməkdaşlığının təmin edilməsi və digər müştərək qurumlara müvafiq tövsiyələrin qəbul edilməsidir.
Komitənin ilk iclası 2000-ci il aprelin 17-18-də Brüsseldə keçirilmişdir. Ardıcıl olaraq hər il bir dəfə növbəli olaraq tərəflərin ərazilərində komitənin iclasları keçirilmiş və müzakirə edilən məsələlərə dair müvafiq bəyanat və tövsiyələr qəbul edilmişdir. Parlamentlərarası Əməkdaşlıq Komitəsinin son iclası 2007-ci il sentyabrın 12-də Bakı şəhərində keçirilmişdir. Tərəflərin həmsədrliyi ilə keçirilən görüşdə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın müxtəlif istiqamətləri, Azərbaycan Respublikasının iqtisadi inkişafı, səhiyyə, sosial müdafiə və ətraf mühitin qorunması sahələrində son illər ərzində həyata keçirilən islahatlar, regional, iqtisadi, siyasi və ekoloji əməkdaşlıq, insan hüquqları, söz azadlığı, qeyri-hökumət təşkilatlarının fəaliyyəti də daxil olmaqla, bir çox məsələlər üzrə geniş müzakirələr aparılmış, qeyd olunan sahələrdə tərəflər arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi razılaşdırılmışdır.
Parlamentlərarası Əməkdaşlıq Komitəsinin bu iclasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Milli Məclis üzvləri Çingiz Əsədullayev, Fuad Muradov, Rövşən Rzayev, Rauf Əliyev, Ülvi Quliyev, Azər Əmiraslanov, Jalə Əliyeva, Gülər Əhmədova, İlyas İsmayılov, Milli Məclisin daimi komissiyalarının sədrləri Əli Hüseynov, Ziyad Səmədzadə, Rəbiyyət Aslanova, regional əməkdaşlıq məsələləri ilə  bağlı isə millət vəkili Asəf Hacıyev iştirak etdilər.
Müvafiq məsələlərə aid məruzələr, çıxışlar edildi, deputatlarımız müzakirələrdə iştirak etdilər və iclasa öz tövsiyələrini verdilər. Parlamentlərarası Əməkdaşlıq Komitəsinin səkkizinci iclasında Azərbaycan Respublikası Hökuməti adından Baş nazirin müavini Abid Şərifov çıxış edərək iclası açmışdır. Digər hökumət nümayəndələri − xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, nəqliyyat nazirinin müavini Musa Pənahov, ədliyyə nazirinin müavini Toğrul Musayev, ekologiya nazirinin müavini Firdovsi Əliyev, Sənaye və Energetika Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cümşüd Bayramov müzakirələrdə fəal iştirak edərək gündəliyə daxil olan məsələlər üzrə məlumatlar vermiş, çıxışlar etmişlər və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin fəaliyyətinə öz töhfələrini vermişlər.
İmkandan istifadə edərək Milli Məclisin adları çəkilən üzvlərinə, hökumətin hər bir nümayəndəsinə iclasın işində fəal iştirak etdiklərinə görə minnətdarlığımı bildirirəm. Milli Məclisin rəhbərliyinə, şəxsən Oqtay müəllimə və Səfa müəllimə iclasın keçirilməsinə, hazırlanmasına köməklərinə, yardımlarına görə xüsusi minnətdarlığımı bildirməyi özümə borc bilirəm.
Keçirilən iclasda, eyni zamanda, tərəflərin gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuş və növbəti iclaslarda Azərbaycan Respublikası və Avropa İttifaqı qanunvericilik sistemlərinin uyğunlaşdırılması, müxtəlif sahələrdə, o cümlədən enerji məsələləri üzrə hüquqi rejimlərin uyğunlaşdırılması ilə bağlı fəaliyyətlərə geniş yer verilməsi qərara alınmışdır. Görüşün sonunda tərəfdaşlıq və əməkdaşlıq sazişinə müvafiq olaraq Avropa İttifaqının və Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin müştərək bəyanat və tövsiyələri qəbul olunmuşdur. Bəyanat və tövsiyələr verilmiş, tərəflərin qarşılıqlı münasibətləri, insan hüquqları, regional əməkdaşlıq, Dağlıq Qarabağ və ətraf ərazilərlə bağlı vəziyyət haqqında müştərək mövqe bildirilmişdir.
Sənəddə Avropa İttifaqı və Azərbaycan Respublikası arasında yaxın münasibətlər qurulmasının, tərəfdaşlıq və əməkdaşlıq sazişinin yerinə yetirilməsinin, ölkəmizin Avropa enerji təhlükəsizliyi üçün zəruri rolunun əhəmiyyəti qeyd olunmuşdur. 2007-ci ildə Avropa komissiyasının Bakıda nümayəndəliyinin açılması, tərəflər arasında viza prosedurlarının sadələşdirilməsi üzrə müzakirələrin tezliklə başlanması tövsiyə edilir. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Transxəzər enerji dəhlizi layihələrinə dəstək ifadə olunur. Eyni zamanda, burada insan hüquqları, iradə azadlığı və dini dözümlülük sahələrində tərəflər arasında tərəfdaşlığın davam etdirilməsi, Azərbaycanın GUAM və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında fəaliyyətinin əhəmiyyəti qeyd olunmuşdur.
Bəyanat və tövsiyələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf əraziləri ilə bağlı vəziyyətə xüsusi toxunulur, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və milli azlıqlara mənsub şəxslərin hüquqlarına hörmət prinsipləri əsasında həll edilməsi məqsədi ilə ATƏT, Minsk qrupu və beynəlxalq ictimaiyyət səylərinin artırılmasına dəvət edilir. 2007-ci il iyulun 19-da Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri” qanunsuz hesab edilmiş və bu şəkildə həyata keçirilən hər hansı hərəkətin hüquqi qüvvəyə malik olmadığı bildirilmişdir.
Yekunda bu iclasla əlaqədar əziyyət çəkmiş, yardım etmiş, dəstək vermiş hər bir şəxsə öz minnətdarlığımı bildirirəm və gələcəkdə bizim müştərək fəaliyyətimizə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Bahar Muradova.
B. Muradova, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini.
Təşəkkür edirəm, cənab Sədr. Hər şeydən əvvəl payız sessiyasının birinci iclasında iştirak etmədiyim üçün bu gün fürsətdən istifadə edib sessiyanın başlanması münasibəti ilə hər bir millət vəkilini ürəkdən təbrik edirəm və Milli Məclisə bu dövrdəki fəaliyyətində uğurlar arzulayıram.
ATƏT-in Parlament Assambleyasının payız iclası Sloveniyada keçirilmişdir. ATƏT-in Parlament Assambleyasının qış sessiyasından və illik sessiyasından fərqli olaraq yaz-payız iclasları, bir qayda olaraq, ayrı-ayrı ölkələrdə, ayrı-ayrı regionlarda keçirilir, bu regionların problemlərinə həsr olunmuş mövzular üzərində qurulur və müəyyən tərəfin üzərinə öhdəlik qoya biləcək hansısa sənədlər qəbul olunmur. Amma bu iclaslarda belə sənədlərin qəbulu üçün rəy formalaşdırılır, müsbət təcrübə öyrənilir, problemlər haqqında danışılır və ATƏT-in qarışında duran vəzifələr istiqamətində müzakirələr aparılır.
Sloveniyadakı toplantı da Cənub-Şərqi Avropada əməkdaşlıq vasitəsi ilə təhlükəsizliyin əldə olunmasında parlamentlərin rolu mövzusuna həsr edilmişdi. Bu çərçivədə, təbii ki, Avropanın bir hissəsi kimi Cənub-Şərqi Avropa ölkələrində rejim dəyişikliyindən sonra əldə olunan uğurlar, bu bölgədəki problemlər, əldə olunmuş müsbət təcrübə və ATƏT-lə həmin regionun əməkdaşlığı məsələləri, ümumiyyətlə, Avropa və Asiya ölkələri arasındakı münasibətlər müzakirə predmeti oldu. Başlıca mövzular təhlükəsizliyin əsas bazası kimi təsdiq və təhsil vasitəsi ilə əməkdaşlığın əldə olunması, təhlükəsizliyin təmin edilməsi, təhlükəsizliyin bazası kimi enerji təhlükəsizliyi sahəsində regional əməkdaşlıq, yerli hakimiyyət orqanları və mərkəzləşdirmə məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
İlk olaraq Cənub-Şərqi Avropada əksmərkəzləşdirmə və yerli hakimiyyət məsələsi müzakirəyə çıxarıldı. Burada Cənub-Şərqi Avropa ölkələrinin nümayəndələri öz ölkələrində olan müsbət təcrübə haqqında məruzələr etdilər. Bu konfransda çoxsaylı məruzələr dinlənildi və məruzələrdə ATƏT üzvü olan ölkələri narahat edən məsələlər fikir mübadiləsi obyektinə çevrildi. Hər şeydən əvvəl iclasda ATƏT PA-nın sədri Qoran Lenmarker çıxış etdi və sessiyanın məqsədi, qarşıda duran vəzifələri haqqında fikrini bildirdi. Sloveniya parlamentinin sədri Frans Sukyati, ATƏT-in Parlament Assambleyası nümayəndə heyətinin sədri Roberta Battelli və ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Miqel Anxel Moratinosun xüsusi nümayəndəsinin çıxışları dinlənildi. ATƏT sədrinin çıxışı diqqəti xüsusi ilə cəlb etdi. O, ötən dövr ərzində fəaliyyətdə olan sədrin gördüyü işlər, ATƏT-in Parlament Assambleyasının, bütövlükdə ATƏT-in bir təşkilat olaraq gördüyü işlər haqqında hesabat verdi, ATƏT üzvü olan ölkələri narahat edən problemləri diqqətə çəkdi. Bu problemlər sırasında da ATƏT üzvü olan ölkələrin inkişafına, əməkdaşlığına, inteqrasiyasına mane ola biləcək cəhətlər qabardıldı. Ayrı-ayrı regionlarda olan münaqişələr, onların uzadılması və dondurulması məsələsi fikir mübadiləsinə çəkildi. Moratinosun Dağlıq Qarabağ haqqında söylədiyi fikirlər diqqəti xüsusi cəlb etdi. O, həmin istiqamətdə ATƏT-in uzunmüddətli səylər göstərməsini söyləməklə yanaşı bunun heç bir müsbət nəticə vermədiyini və ATƏT-in fəaliyyətində mənfi bir cəhət olduğunu vurğuladı. Son zamanlar tərəflər arasında olan əməkdaşlıq işartılarına, xüsusi ilə ziyalıların qarşılıqlı səfərlərinə xüsusi diqqət yetirildiyini söylədi. Bunun da son nəticədə sülh müqaviləsinə gətirib çıxara biləcək amillər olmadığını dedi. ATƏT-in səylərinin artırılmasını, Qarabağ kimi ağrılı bir problemin həllinin vacibliyini vurğuladı.
Xüsusi ilə yerli hakimiyyət və mərkəzləşdirmə məsələsi ilə bağlı məsələləri dinləyərkən də gördük ki, Şərqi Avropa ölkələri hələ də bir sıra problemlərlə üz-üzə qalırlar, bu problemlər də məskunlaşdığımız Cənubi Qafqaz problemləri ilə üst-üstə düşür. Xüsusi ilə bələdiyyə orqanlarının fəaliyyətində, onların torpaq üzərindəki mülkiyyətinin və digər mülkiyyətlərinin müəyyənləşdirilməsində bəzi problemlər var. Müsbət təcrübə də var.
Təbii ki, bu sessiyada bizim nümayəndə heyəti məhdud tərkibdə iştirak edirdi. Nümayəndə heyətimiz məndən, Azay Quliyevdən və nümayəndə heyətinin katibi İlqar Fərzəliyevdən ibarət idi.
İkinci müzakirə olunan məsələ təhlükəsizliyin bazası kimi təhsil vasitəsi ilə əməkdaşlıq məsələsi idi. Təhsil özündə bir sıra amilləri birləşdirir. Erkən yaşlarından insanlara dözümlülüyün, tolerantlığın, yanaşı yaşamanın mümkünlüyünə rəvac verilən xüsusiyyətlərin aşılanması məsələləri burada xüsusi ilə qabardıldı. Bu gün inteqrasiya edən dünyada miqrasiya halları daha da artıb. Avropaya miqrasiya halları kütləvi şəkil aldığına görə Avropa bu cür ciddi problemlərlə üzləşir. Miqrasiya edən insanların təhsil alması, sağlamlığı, cəmiyyətə inteqrasiyası problem kimi cəmiyyətin qarşısında dayanır. Bu məsələlər müzakirə predmeti oldu və Şərqi Avropada əldə olunmuş müsbət təcrübə nümayəndə üzvlərinin diqqətinə çatdırıldı.
Müzakirələrin gedişində, xüsusi ilə təhsil məsələsinin müzakirəsində bizim nümayəndə heyətinin üzvü Azay Quliyev çox yaxşı çıxış etdi. Həm rus, həm də ingilis dilində kifayət qədər sanballı bir çıxış idi. Avropa, dünya üçün problemli olan məsələlərdə Azərbaycanın əldə etdiyi təcrübə, müsbət nəticə və uğurlar haqqında iştirakçıların diqqətinə rəqəmlərlə, faktlarla məlumat çatdırıldı. Çox diqqəti çəkən bir çıxış idi. Bu çıxışdan sonra Azərbaycandakı vəziyyətlə bağlı maraqlananlar bizə bəzi suallar da verdilər.
Fasilədən sonra isə enerji təhlükəsizliyi məsələsi müzakirəyə çıxarıldı. Dünyanın diqqətini çəkən önəmli bir məsələ kimi bu məsələ ətrafında çox ciddi müzakirələr getdi. Avropa ölkələrinin alternativ enerji mənbələrinə yol açması və bu enerji mənbələrindən əldə olunan vasitələrin, resursların Avropaya təhlükəsiz şəkildə çatdırılması, xüsusi ilə də enerji sahəsində çox böyük imkanlara malik olan Rusiyadan kənar xətlərin Avropaya çəkilməsi istiqamətində Azərbaycanın və Qazaxıstanın önəmi burada xüsusi vurğulandı. Məruzəçilər çıxışlarında bunu da vurğuladılar ki, Avropanın bu sahədəki problemlərinin həll olunmasında Azərbaycanın, xüsusi ilə Qazaxıstanın və Şərq ölkələrinin imkanlarının Avropaya çıxarılması yolları aranmalıdır. Orada çıxışında bunları Avstriyanın nümayəndəsi xüsusilə vurğuladı. Bu yaxınlarda Avstriyanın nümayəndəsi Azərbaycanda da olmuş və bu istiqamətdə bir anlaşma memorandumu da imzalandı. Bizim nümayəndəmiz Azay Quliyev bu istiqamətdə çox sanballı çıxış etdi və Azərbaycanın son illərdə əldə etdiyi uğurları iştirakçıların diqqətinə çatdırdı. Azərbaycanın bu məsələdə təhlükəsizlik və enerji təminatçısı rolunu oynamağa qadir olduğunu və həmin sahədə müsbət təcrübəyə malik olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Bütün məqamlardan istifadə edərək Azərbaycanın üzləşdiyi problemi – Dağlıq Qarabağ problemini və onun doğurduğu çətinlikləri hər zaman iştirakçıların diqqətinə çatdırmışıq. Bu kimi ciddi bir məsələnin həllində Azərbaycanın imkanlarını nəzərə çatdırmaqla belə bir problemin mövcudluğu və vəzifələrin yerinə yetirilməsində həddən artıq əngəl törədə bilən bir məqam olduğu diqqətə çatdırıldı. Bununla bərabər, Azərbaycanın bu sahədə ATƏT ölkələrinə və dünyaya böyük bir töhfə verə biləcəyi vurğulandı. Biz bir il ərzində ATƏT rəsmiləri ilə Azərbaycanda enerji təhlükəsizliyi məsələsinə həsr olunmuş toplantının keçirilməsini təklif etmişik və bu təklifimiz onlar tərəfindən müsbət qarşılanıb. Amma heç zaman rəsmi şəkildə bunun mümkünlüyü elan olunmamışdı. Enerji təhlükəsizliyi məsələləri ətrafında müzakirələr və bizim nümayəndənin çıxışından sonra Marker müzakirələrə yekun vurarkən bu sahədəki problemləri qeyd etməklə yanaşı, Azərbaycanın oynadığı rolu xüsusi ilə qabartdı və belə bir konfransın məhz Azərbaycanda keçirilməsinə tərəfdar olduğunu bildirdi. Bu istiqamətdə səylər göstəriləcəyini dedi. Üzv ölkələrdən İtaliyanın nümayəndəsi də Azərbaycanda belə bir konfransın keçirilməsinin vacibliyini vurğuladı. Bu da Azərbaycanın artan nüfuzunun, önəminin ATƏT ölkələri, Avropa üçün əhəmiyyətli bir ölkə olmasının bariz göstəricisidir.
Bu çərçivədə Aralıq dənizi forumunun növbəti iclası keçirildi. Hər zaman payız sessiyasında Aralıq dənizi forumunun növbəti iclası keçirilir. Aralıq dənizi ətrafı ölkələr ATƏT-lə tərəfdaş ölkələrdir, bu ölkələr və onların arasındakı qarşılıqlı münasibətlər və ATƏT-lə onların münasibətləri fikir mübadiləsinə çevrildi. İqtisadi əməkdaşlıq, enerji sahəsində əməkdaşlıq, xüsusi ilə də azlıqların hüquqları və onların müdafiəsi məsələsi, İraq və Əfqanıstan müharibəsi və bu müharibələrin doğurduğu ağır nəticələr və bu nəticələrin Aralıq dənizi ölkələrində, xüsusi ilə də Avropada özünü göstərməsi müzakirə predmeti oldu. Bu ətrafda qarşıda dayanacaq vəzifələrin müəyyənləşdirilməsi istiqamətində fikirlər səsləndi.
Bundan başqa, bu çərçivədə ATƏT-in daimi komitəsinin də iclası keçirildi. Daimi komitənin Kiyev sessiyasından sonrakı fəaliyyəti, Parlament Assambleyasının qarşıdakı tədbirləri barədə fikir mübadiləsi aparıldı.
Nəzərinizə çatdırmaq istəyirəm ki, növbəti illik sessiyanın Qazaxıstanda keçirilməsi nəzərdə tutulur və Qazaxıstanın da növbəti illərdə ATƏT-ə sədrliyi məsələsi gündəlikdə dayanır. Yəqin, siyasətçilərin məlumatı var ki, bu məsələ hələ öz müsbət həllini tapmayıb. Bu istiqamətdə də fikir mübadiləsi aparıldı və Qazaxıstanda illik sessiyanın keçirilməsinin vaxtı müəyyənləşdirildi. Ukraynada, ümumiyyətlə, ötən dövr ərzində üzv ölkələrdə keçirilən seçkilərin nəticələri, müşahidə missiyasının nəticələri ilə bağlı fikirlər səsləndi.
Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, Avropada təhlükəsizliyin və əməkdaşlığın qarantı, vasitəçi, təşkilatçı kimi çıxış edən ATƏT-in öz daxilində bəzi problemlərin mövcudluğu hər zaman qabarıbdır. Bu dəfə də ATƏT-in Parlament Assambleyası və yerlərdəki demokratik təchizatlar və İnsan Haqları Bürosunun bu missiyaları arasındakı gərgin münasibətlər yenə də fikir mübadiləsinə çevrildi. Nümayəndə heyətlərinin üzvləri ümidvar olduqlarını bildirdilər ki, vasitəçilik missiyasını üzərinə götürən bir təşkilatın daxilindəki problemlər həllini tapacaqdır.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından bu səfərimiz çox uğurlu keçdi. Bundan əlavə, mən nümayəndə heyətinin rəhbəri kimi ATƏT Parlament Assambleyasının sədri Qoran Lennmarkerlə görüşdüm. Kiyev sessiyasında qəbul olunmuş qərarlar ətrafında fikir mübadiləmiz oldu. Bu məsələlər ilə əlaqədar cənab Sədr Oqtay Əsədovun xüsusi məktubunu ona çatdırdım və o, Oqtay Əsədova məktubda söylədiyi fikirlərə görə təşəkkürünü bildirdi. Söylədi ki, bu yaxınlarda o, cavab məktubu il Sədrə müraciət edəcək. Bir daha Azərbaycana salamlarını çatdırdı. Söylədi ki, o, Azərbaycanın dostudur və Azərbaycan nümayəndə heyətinin təşkilatdakı fəaliyyətini də yüksək qiymətləndirdi.
Qeyri-təvazökarlıq olsa da, öz fəaliyyətimiz haqqında çıxışımı bu şəkildə müsbət çalarlarla yekunlaşdırmaq istəyirəm. Nümayəndə heyətinin üzvü Azay Quliyevə bu sessiyadakı geniş fəaliyyətinə görə təşəkkür edirəm. Diqqətinizə bir məqamı da çatdırmaq istəyirəm. Azay Quliyevin çıxışı o qədər xoşa gəlmişdi ki, yerli televiziyalar ondan müsahibə də götürdülər və o, ingilis dilində Azərbaycan həqiqətləri barədə Sloveniyanın vətəndaşlarına da geniş məlumat verdi. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gündəliyimizə davam edirik. Gündəliyin növbəti məsələsi – Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə çıxış üçün Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadəyə söz verilir.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ağdaş rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər ondan ibarətdir ki, yeni 5 inzibati ərazi dairəsi yaradılır. Yuxarı Ağcayazı və Aşağı Ağcayazı kəndləri Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağcayazı kəndi mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılır.
Şəkili kəndi Qoşaqovaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Şəkili kənd inzibati ərazi dairəsi yaradılır.
Ərəbocağı kəndi Pirkəkə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ərəbocağı kənd inzibati ərazi dairəsi yaradılır. Yuxarı Ləki kəndi Orta Ləki kənd inzibati ərazi dairəsindən ayrılaraq Yuxarı Ləki kənd inzibati ərazi dairəsi yaradılır.
Hapıtlı kəndi mərkəz olmaqla Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılır. Məsələlərə komissiyada baxılıbdır və müzakirənizə tövsiyə olunur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 0  
İştirak edir 105
Nəticə: qəbul edildi


Çox sağ olun, qəbul olundu. Növbəti məsələ “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədədir. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Bu il Milli Məclisin yaz sessiyasında iki kəndin statusu dəyişdirilibdir. Ağdam rayonunun Quzanlı kəndinə və Masallı rayonunun Ərkivan kəndinə qəsəbə statusu verilib. Mövcud qanunvericiliyə görə bu dəyişiklik bələdiyyələrin siyahısında da öz əksini tapmalıdır. Düzəliş bundan ibarətdir.
Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova çıxış etmək istəyir.
G. Əhmədova. Mən çıxış etmək yox, sadəcə, bir sualla Arif müəllimə müraciət etmək istəyirdim. Ağdaş rayonu ilə bağlı açıq danışdılar. Düzü, kənd inzibati ərazi dairələrinin yaradılması və bu kəndin yox, digərinin mərkəz olması mənə çox maraqlı görsənir. Mən bunun səbəblərini bilmək istəyirdim. Bu məsələlər hansı səbəblərdən doğur? Yəni belə qərarlar qəbul etmək üçün ciddi səbəblər varmı? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı” ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Konkret olaraq Ağdam və Masallı rayonları ilə bağlı yox, ümumilikdə problem var və vaxtaşırı bu cür məsələlərlə Milli Məclisə müraciət edilir. Mən bununla bağlı bir neçə kəlmə demək istəyirəm. Çox təəssüf ki, bələdiyyələrin əraziləri ilə bağlı ciddi problemlər yaşanır, xüsusən də Bakı şəhərində.
Yay aylarında biz bir neçə kənddə monitorinq etdik. Məhəmmədli kəndində, Zabrat kəndində və başqa kəndlərdə çox ciddi problemlər var. Bu da ondan ibarətdir ki, bələdiyyələrin konkret sərhədləri bilinmir. Hansı ərazi kimin nəzarətindədir, hansı rayonun, hansı qəsəbənin hüquqi nəzarətindədir? Məsələn, Zabrat kəndi iddia edir ki, Məhəmmədli kəndində bu gün əhaliyə verilən torpaqların hamısı Zabrat kəndinindir, lakin bölgüdə Abşeron rayonu ərazisinə veriblər. Abşeron rayonu da bunu paylayır. Bu cür problemlər həm əhali, həm də yerli sakinlər arasında ciddi narazılığa səbəb olur.
Bakı şəhərinin Nərimanov, Xətai və sair rayonlarında bələdiyyələrin torpaq fondu yoxdur. Amma bunların olmamasına baxmayaraq, icra hakimiyyətləri, xüsusilə də Bakı və yerli icra hakimiyyətlərinin məktubları əsasında torpaq satışı həyata keçirilir. Məsələn, bizə vətəndaş müraciət edəndə ki, ya fərdi mənzil tikintisi və ya başqa məqsəd üçün torpaq almaq istəyirik, dərhal bələdiyyə strukturları da, icra strukturları da bizə “bizim torpaq fondumuz yoxdur” deyirlər. Amma əldə etdiyimiz məlumata, aldığımız rəsmi cavablara görə həmin ildə həmin rayon ərazisində xüsusi ilə külli miqdarda 100 − 150-dən yuxarı adama fərdi ev tikintisi və ya ticarət obyekti açmaq üçün torpaqlar verilib. Millət vəkilinin hər hansı bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılması üçün müraciət etdiyi məktubuna cavab verirlər ki, torpaq fondumuz yoxdur. Sonradan haradan torpaq fondu alınır? Bu bir daha göstərir ki, burada rüşvət amili rol oynayır, torpaqlar satılır.
Məhəmmədli kəndində biz monitorinq apardıq. Məhəmmədli kəndində o qədər böyük narazılıq var ki, torpağın paylanmasının hətta hüquqi bazasını da göstərə bilmirlər. Mən orada sənədləri aldım, baxdım və soruşdum ki, hansı əsasla işləyirsiniz? Rayonların birindən müraciət etmiş adam torpaq sahəsi alıb. Özü də kənd rayonunda – Cəlilabadda yaşayan şəxsə 5 hektar torpaq sahəsi verilib. Təsəvvür edin ki, Cəlilabad rayonundan gəlib Məhəmmədli kəndində 5 hektar torpaq sahəsi alıb və əkin üçün istifadə edir. Mən həmin bələdiyyənin sədrinə sual verdim: sizin əlinizdə sənəd varmı ki, bu şəxsə torpaq bölgüsündə Cəlilabad rayonunda nə qədər torpaq ayrılıb, ona verilib, verilməyib? Bələdiyyənin, kəndin inkişafı üçün siz bundan hansı qaydada əlavə xərclər istəyəcəksiniz? Bütün bunların hamısı rüşvətlə həyata keçirilir. Bələdiyyə torpaqlarının ərazi bölgüsünün olmaması və qeyd etdiyim kimi, bələdiyyələrə torpaq fondunun verilməməsi həmin fondun Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində saxlanılıb rüşvətlə satılmasına görə edilir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İqbal müəllim, bu, gündəliyə aid məsələ deyildir. Siz çıxış etdiniz. Dövlət Torpaq Komitəsində artıq ərazi bölgüləri aparılır və hər rayon, hər bələdiyyə öz torpaqlarının sahələrini konkret bilir. Torpaq fondu haqqında sualınıza isə məsələni araşdırıb cavab verərik. Xahiş edirəm, gündəlik ətrafında çıxış edin. Gülər xanımın dediyi məsələ artıq səsə qoyduğumuz məsələdir. Amma lazımdırsa, Arif müəllim cavab versin.
A. Rəhimzadə. Ümumiyyətlə, inzibati ərazi dairələrinin yaradılması bir çox problemləri həll edir. Birinci, mərkəzlər abadlaşdırılır, əhali üçün yeni iş yerləri yaradılır, başlıcası isə əhalinin rahatlığı təmin olunur. İnzibati ərazi dairəsi ilə kənd arasında 3-4, hətta 7 km məsafə olan kəndlər var. Bunları kompakt yerləşdirməkdən, bir arayış üçün köhnə inzibati ərazi dairəsinə getməməkdən ötrü bu işlər görülür və kifayət qədər əsaslandırılır. Əslində, hər bir kənddə inzibati ərazi dairəsi yaratmaq olardı, çünki dediyim kimi, bu, abadlaşma, oraya diqqətin artırılması, yeni iş yerlərinin yaradılması deməkdir.
O ki qaldı torpaqların satılması və sair məsələlərə, biz Ədliyyə Nazirliyinşn Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyəti ilə əlaqədar hesabatı dinləyəndə bəzi nöqsanları çatdırmışıq, bunlar ətrafında iş gedir. Cənab Prezident Abşeron rayonunun kəndlərində olanda ona bu məsələ ilə əlaqədar müraciətlər ediblər. Prezidentin tapşırığına görə Dövlət Torpaq Komitəsi təkliflər hazırlayıbdır. Abşeron rayonunun bəzi əraziləri, həqiqətən də, sovet dövründən kolxoz, sovxoz ərazisi olubdur. İndi təklif olunur ki, bu ərazilər inzibati ərazi dairəsinə daxil edilsin və mübahisəli ərazilər məsələsi ortadan götürülsün. Əzizbəyov, Suraxanı rayonlarında da belə şeylər var. Bunlar həll olunur. Deyirsiniz ki, torpaq fondu olmaya-olmaya müraciət edənlərə torpaq satırlar və rüşvət alırlar. Bəli, bəzi bələdiyyələrin torpaqları yoxdur. Onlar hökumətə müraciət edirlər və dövlət fondundan onlara torpaqlar verilir. Rüşvətlə və ya nə ilə verildiyini deyə bilmərəm. Ancaq sizin dediyinizlə, yalnız bu məqsədlə verildiyi ilə razılaşmaq olmaz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.34 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 102
Nəticə: qəbul edildi


Çox sağ olun, qəbul olundu. Gündəliyin növbəti məsələsi “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Sanitariya-epidemioloji salamatlıq haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədədir. Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dərman vasitələri haqqında” Qanunu biz sizinlə birgə qəbul etmişik. Bu, qanun qəbul olunandan sonra iki qanuna dəyişikliklər və əlavələr edilir. Bu qanun yaradıcılığı və texnikası baxımından edilən dəyişikliklər və əlavələrdir. Sizlərə arayış paylanıbdır. “İmmunoloji-bioloji və dərman preparatlarının bütün növləri haqqında” sözlərini “dərman vasitələrinə dair” sözləri ilə əvəz etmişik. “Dərman vasitələri” anlayışı bunları özündə ehtiva etdiyinə görə digər qanunlarda da buna oxşar dəyişikliklər və əlavələr edilib. Deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İkram İsrafilovun sualı var.
İ. İsrafilov. Çox sağ olun. Mənim sualım məsələ ilə bağlı deyil. Hörmətli Valeh müəllim və Bahar xanım səfərləri barədə geniş məlumat verdilər. Mən hər ikisinə və nümayəndə heyətinin tərkibində olan insanlara təşəkkür edirəm, amma daha əhəmiyyətli səfəri, hörmətli Sədr, Avropa Şurasına Siz etmisiniz. Bizi maraqlandıran məsələlərin, mətbuatda deyiləndən başqa, nələrin müzakirə olunduğunu eşitmək istəyərdik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sizi narahat edən məsələlər hamısı yüksək səviyyədə həllini tapıb, narahat olmayın. Gələn iclaslarda mən məlumat verərəm. Xahiş edirəm, layihəyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyin növbəti məsələsi Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında qanun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov. Milli Məclisdə Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Sevda Hüseynova iştirak edir. Suallarınız olarsa, o da cavab verəcək. Əli müəllim, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq qeyd olunduğu kimi, cənab Prezident tərəfindən parlamentə Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi təqdim edilmişdir. Son dövrlər ölkənin sürətli iqtisadi inkişafı, eyni zamanda, tikinti sektorunun da inkişafına gətirib çıxarmışdır. Müsbət haldır ki, Azərbaycanda bu gün həm bizim tarixi ənənələrimizə, milli arxitekturamıza uyğun olan, eyni zamanda müasir standartlara cavab verən binalar tikilir. Amma təəssüf ki, bəzən bu sahədə pozuntular da baş verir. Həmin məsələ bu günün problemi deyil. Son bir neçə ildə bu məsələlər daim gündəmdə olub.
Məlumat üçün nəzərinizə çatdırmaq istəyirəm ki, hələ bir neçə il bundan əvvəl, 2002−2004-cü illərdə biz Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr etmişik, o cümlədən tikinti sektorunda təhlükəsizlik qaydalarının pozulmasına görə məsuliyyət növlərini müəyyənləşdirmişik. Bu gün bizim qanunvericiliyimiz müəyyən mənada bir sıra sualları cavablandırır, amma sürətli inkişaf eyni zamanda meydana çıxan digər münasibətləri də qanunvericilik baxımından tənzimləməyi vacib edir.
Prezident tərəfindən təklif olunan birinci məsələ Mülki Məcəlləyə edilən əlavədir. Qəbul etdiyimiz “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsində də göstərilirdi ki, inzibati orqanlar və inzibati məhkəmələr tərəfindən bu sahədə meydana çıxan mübahisələrə baxıla bilər. Bu baxımdan tamamilə düzgündür ki, Mülki Məcəlləyə belə bir maddə əlavə edilsin: “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və ya qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər”. Beləliklə, Mülki Məcəllə belə bir qərarın məhkəmə tərəfindən qəbul olunmasını təsdiq edir.
Ancaq əsas məsələ Cinayət Məcəlləsinə edilən əlavələr və dəyişikliklərlə bağlıdır. Bunları isə mən qısaca olaraq sizə təqdim etmək istərdim. Artıq qeyd etdiyim kimi, Cinayət Məcəlləsində tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozmağa görə məsuliyyət mövcuddur. Cinayət Məcəlləsinin 222-ci və 222-1-ci maddələrində belə məsuliyyət mövcuddur. Təklif olunur ki, hər iki maddə yeni redaksiyada verilsin. Yeni redaksiyada əsas yenilik ondan ibarətdir ki, maddənin dispozisiyasında dəyişiklik edilir. Daha dəqiq desəm, təhlükəsizlik qaydalarının pozulması, insanların həyat və sağlamlığı üçün real təhlükə yaradılması cinayət məsuliyyətinə səbəb olan bir əməldir. Başqa sözlə desəm, yəni artıq baş vermiş hadisəyə görə yox, eyni zamanda, təhlükəyə, təhlükənin yaranmasına görə də məsuliyyət nəzərdə tutulur.
222-1-ci maddə tamamilə yeni redaksiyada verilir: “Özbaşına tikinti işləri aparma”. Burada da dispozisiya dəyişdirilir. 222-1.1-ci bənddə yenilik ondan ibarətdir ki, özbaşına tikinti aparmaq nəticəsində insanların həyat və sağlamlığı üçün real təhlükənin yaranması artıq məsuliyyətə səbəb olan bir əməldir. Digər maddələrdəki hallarda isə bu əməllər şəxsin sağlamlığına ağır və ya xüsusi ilə ağır ziyan vurursa və yaxud ölüm və digər ağır nəticələrə səbəb olursa cəzalandırılır. Bu hallar bizim qanunvericilikdə var idi, yeni maddədə, sadəcə, 2-ci və 3-cü bəndlər kimi sadalanacaqlar.
Yeni maddə 222-3-cü maddədir. Bu maddə Cinayət Məcəlləsində tamamilə yenidir. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarını qərəzli olaraq icra etməmək cəzalandırılır. Mən bu maddənin üzərində geniş dayanmaq istəmirəm. Yəqin, hamımız üçün aydındır. Bəzən araşdırmalar zamanı məlum olur ki, dövlət orqanı tərəfindən belə bir qərar qəbul edilib, amma bu, icra olunmur. Həmin qərar qərəzli şəkildə icra olunmur və nəticədə ağır hallar olur, belə bir halın mövcud olması artıq məsuliyyətə gətirib çıxarır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, adı çəkilən maddələrdə sanksiyalar da ağırlaşdırılır. Demək olar ki, bu sanksiyalar daha da ciddiləşdirilir, daha da ağırlaşdırılır.
İkinci qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, Cinayət Məcəlləsinin indi də qüvvədə olan bu maddələrində təkcə tikinti sektorunda çalışan fiziki və ya hüquqi şəxslər üçün məsuliyyət nəzərdə tutulmayıb. Eyni zamanda, vəzifə cinayətləri haqqında fəsil mövcuddur. Bu qəbildən olan hallar əgər vəzifəli şəxslərin səhlənkarlığı, məsuliyyətsizliyi üzündən baş verirsə, onlar üçün də məsuliyyət nəzərdə tutulub. Təklif olunur ki, 314-2-ci maddənin adından “mühafizə zonaları” sözləri çıxarılsın. Bizim qanunvericilik mühafizə zonalarında həyata keçirilən qanunsuz tikililərlə bağlı müəyyənləşdirilir. Beləliklə, təkcə mühafizə zonalarını yox, məsuliyyət bütün halları əhatə edəcək. Elə bilirəm ki, bu çox vacib bir düzəlişdir. Daha geniş spektri əhatə etməyə başlayacaq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazəvermə artıq cinayət məsuliyyəti yaradacaq və 3 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqdır.
Eyni zamanda, “Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması” maddəsi də əlavə olunur, yəni faktik olaraq bu işlər aparılır, amma müvafiq dövlət orqanı bu tikinti işlərinin qarşısını almalıdır, alınmırsa, təbii, belə hal bundan sonra məsuliyyət yaradacaqdır. Daha doğrusu, hesab eləyirəm ki, belə bir maddə bəzi hallarda vəzifəli şəxslərin və yaxud bu sahədə çalışan dövlət orqanlarının məsuliyyətsizliyinin qarşısının alınmasına yönələn bir maddədir.
Hesab edirəm ki, bu əlavələr və dəyişikliklər hazırda mövcud olan pozuntuların qarşısının alınmasından ötrü mühüm məsələdir. Elə bilirəm ki, həmin dəyişiklikləri və əlavələri qəbul etməklə biz bu sahədə baş verə bilən, baş vermiş və yaxud baş verə biləcək pozuntu hallarının qarşısının alınmasından ötrü real bir alət əldə etmiş oluruq. Təbii ki, qarşıda duran əsas məsələ, eyni zamanda, qanunun tətbiqidir. Bunun üçün isə qanunverici, hesab edirəm, bu əlavə və dəyişiklikləri etməklə öz borcunu yerinə yetirmiş olar. Hesab edirəm ki, cənab Prezidentin təqdim etdiyi qanun layihəsi parlament tərəfindən dəstəklənməlidir. Təqdim etdiyim maddələrin ekspozisiyasından da göründüyü kimi, insanlarımızın sağlamlığı, təhlükəsizliyi, həyatı üçün də vacib olan əlavə və dəyişikliklərdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Müzakirələrə başlayırıq. Vahid Əhmədovun sualı var, buyursun.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu qanunun sərtliyi ilə tamamilə razıyam və buna səs verəcəyəm. Amma mənim bir sualım var. Əli müəllim, biz, ümumiyyətlə, qanunları qəbul eləyəndə çalışırıq ki, qanunlar dəqiq olsun, amma bu dəyişiklikdə tamamilə əksini gördüm. Dəyişikliklər və əlavələr edilən bütün maddələrdə, elə bil ki, biz korrupsiyaya bir yol açırıq. Misal üçün, adi 222.2.1-ci maddəni oxuyuram: “İki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Biz bir maddədə dörd cəza növü tuturuq. Faktik olaraq hakimlər üçün yol açırıq, bu dörd maddə arasında oynasın. Xahiş edirəm, cavab verəsiniz.
Sədrlik edən. Suala cavab verək, sonra müzakirələrə başlayaq. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr! Əvvəllər də bu qəbildən suallar olub. Nə üçün cinayət qanunvericiliyində, inzibati qanunvericilikdə sanksiyalarda belə fərq mövcuddur? Bu çox normal bir haldır və bütün dünya praktikasında belədir. Cinayət qanunvericiliyinin fəlsəfəsi ilə belədir. Təbii ki, biz məhkəmə hakimiyyətinə hörmətlə yanaşmalıyıq. Hakimlər işlərə baxarkən işin konkret hallarını nəzərə alaraq qərarlar qəbul edirlər. İttiham olunanın şəxsiyyətini, işin konkret hallarını. Əgər məhkəmə hökmlərini və yaxud qərarlarını oxusanız görərsiniz ki, məhkum olunanın cəzasının az və ya ağır olmasının səbəbləri var. Bizim qanunvericilikdə məsuliyyəti yüngülləşdirən hallar da, ağırlaşdıran hallar da var. Mən düşünmürəm ki, qanunverici bilərəkdən hakimlərin qanunu pozmalarından ötrü şərait yaradır. Əsla yox. Bütün dünyanın cinayət qanunvericiliyi belədir. Amma, əlbəttə, işin faktik hallarını nəzərə alaraq, dediyim halları rəhbər götürərək hakimlər ədalətli qərarlar qəbul etməlidirlər.
Düşünürəm ki, bu, qanunun tətbiqi məsələsi ilə bağlıdır. Ümumiyyətlə, Sizə birmənalı deyə bilərəm ki, cinayət qanunvericiliyinin tətbiqində Azərbaycan məhkəmələri tərəfindən yol verilən nöqsanların səviyyəsi çox aşağıdır. Mülki sahədə problemlər mövcuddur. Cinayət qanunvericiliyinin tətbiqi ilə bağlı məhkəmə təcrübəsi var, plenumun qərarları qəbul olunur. Bunlar hamısı ümumiləşdirilmiş halda həyata keçirilir, yəni hakimin müəyyən maddə ilə bağlı istədiyi qərarı qəbul etməsi mümkün deyil. Əlbəttə, bu sahələr tənzimlənir. Onu demək istəyirəm ki, cinayət qanunvericiliyinin tətbiqində problemlər minimum səviyyədədir.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Jalə Əliyeva yazılmışdır. Xahiş edirəm, Jalə Əliyevaya mikrofon verin.
J. Əliyeva. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi əlbəttə çox aktualdır. Lakin məsuliyyətin gücləndirilməsi tikinti sahəsində qanunvericiliyin pozulması hallarının qarşısının alınmasında nə dərəcədə səmərəli vasitə olacaq? Məsələnin həlli daha geniş yanaşma tələb edir. Bunun üçün ilk növbədə tikinti sahəsində vahid qanunun qəbul edilməsinə nail olmalıyıq. Hazırda tikinti fəaliyyətini nizama salan normalara pərakəndə halda bu və ya digər qanunvericilik aktlarında rast gəlmək mümkündür. Bu normaların bəziləri diqqətlə baxanda bir-birinə ziddiyyət təşkil edir. Belə olan halda tikinti sahəsində səmərəli nəzarəti təmin etmək qeyri-mümkün olur.
Xüsusi qanun tikinti fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərinin vəzifələrini, məsuliyyətini, habelə tikinti sahəsində məcburi qaydaları müəyyən etmiş olardı. Diqqətinizə çatdırmaq istərdim ki, bildiyim qədər bir çox Avropa ölkələrində, məsələn, Almaniya Federativ Respublikasında bu məsələlər xüsusi məcəllə ilə tənzimlənir. Həmin məcəllədə tikinti üzrə fəaliyyətin hər bir mərhələsi nizama salınmışdır. Əlbəttə, çox sevindirici haldır ki, 2007-ci ilin payız sessiyasının qanunvericilik işləri planında artıq tikinti fəaliyyəti haqqında qanun layihəsinin qəbulu öz əksini tapmışdır.
Hazırda müzakirə etməkdə olduğumuz qanun layihəsinə gəlincə isə mən ortaya çıxan bir neçə sualımı sizlərlə bölüşdürmək istəyirəm. Bunlardan birincisi, qanun layihəsinin 222-1-ci maddəsi ilə əlaqədardır. Bu maddəyə uyğun olaraq qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina tikintisinə görə məsuliyyət müəyyən edilir. Bildiyiniz kimi, Azərbaycanın müxtəlif yerlərində, o cümlədən Bakı şəhərində özbaşına tikilmiş binalar var və bir qayda olaraq, həmin binaların tikintisi özbaşına zəbt olunmuş torpaq sahələrində baş verir. Bu qanunun qüvvəyə minməsi əvvəllər bu şəkildə tikilmiş binaların sahiblərinə də şamil olunacaqmı? Əgər şamil olunacaqsa, Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinin tələblərinin pozulmasına gətirib çıxaracaq. Belə ki, həmin hissəyə uyğun olaraq, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hallarda hüquqi qüvvəsi geriyə şamil olunur. Odur ki, qanunda onun müddəalarının geriyə şamil edilməsi məsələsinin də həll edilməsi məqsədəuyğun olardı.
Oxşar fikirlərin yeni redaksiyada verilməsi nəzərdə tutulan 222.1-ci maddə haqqında da söyləmək istəyirəm. Birinci, qeyd edilən maddənin dispozisiyasına görə tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, insanların həyatı və sağlamlığı üçün real təhlükənin yaradılması cinayət məsuliyyətinə səbəb olur. Bu müddəalar da sual doğurur. Tikintinin planlaşdırılması və ya ona rəhbərlik edilməsi hansı formada və necə real təhlükə yarada bilər? Planlaşdırma tikiləcək binanın layihələşdirilməsini, müvafiq çertyojların hazırlanmasını əhatə edir. Belə olan halda bu mərhələdə insanların həyatına və sağlamlığına hansı təhlükələrdən söhbət gedir? Tikintiyə rəhbərlik, bir qayda olaraq, vəzifəli şəxs tərəfindən tikinti işlərinin aparılması ilə əlaqədar onun icraçılarına müəyyən göstərişlərin, tapşırıqların verilməsi ilə xarakterizə olunur. Elə bu halda da insanların həyatına və sağlamlığına hansı təhlükələrin ola biləcəyi məsələsi açıq qalır və sual doğurmaya bilmir. Yuxarıda göstərilən ifadələrə Cinayət Məcəlləsinin 222.1-ci maddəsinin qüvvədə olan müvafiq bəndində də rast gəlmək olar və belə hesab edirəm ki, adı çəkilən maddədə redaktə xarakterli düzəlişlər edilməlidir.
İkinci, maddədə istifadə edilən “real təhlükə” anlayışı onu tətbiq edən orqanlarda təfsir baxımından çaşqınlığa səbəb ola bilər. Real təhlükənin əlamətləri nədən ibarətdir, bu təhlükənin mövcudluğu hansı meyarlarla müəyyən edilməlidir? Bu kimi sualların praktikada meydana çıxması, əlbəttə, qaçılmazdır. Bu cür mücərrəd ifadələrin konkretləşdirilməsi və maddənin qeyd hissəsi, izahı kimi verilməsi, düşünürəm ki, olduqca vacibdir.
Qeyd etdiyim bu iradlar nəzərə alınmaqla mən qanun layihəsinin lehinə səs verəcəyəm. Lakin bununla bərabər bir daha bildirmək istəyirəm ki, bu sahədə inzibati və cinayət məsuliyyətini müəyyən edən qanunların qəbulu ilə kifayətlənməməliyik. Biz daha geniş mənada tikinti sektorunda dövlət nəzarətinin gücləndirilməsinə və bu sahədə təhlükəsizliyin təmin edilməsinə xidmət edən kompleks inzibati və hüquqi tədbirlər planını işləyib hazırlamalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bilirsiniz ki, Tikinti fəaliyyəti haqqında qanun layihəsi bizim gündəlikdə var. Həmin qanun layihəsi təkrar oxunuşa çıxarılacaq, həmin qanun layihəsinin işlənməsinə qoşula bilərsiz. Buyurun, Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən tikinti sahəsinin mütəxəssisi deyiləm. Mütəxəssis olmadan da anlamaq mümkündür ki, bu sahədə işlər o qədər də qənaətbəxş getmir. Biz hamımız bu fikri təsdiq etmək üçün çoxsaylı nümunə gətirə bilərik. Ona görə də bu barədə danışmaq artıqdır. Hazırda biz tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məsələsini müzakirə edirik. Məncə, bu vacib məsələdir. Mən də bunun lehinə səs verəcəyəm. Amma gəlin səmimi deyək. Bu məsuliyyət Mülki və Cinayət Məcəllələrində əvvəllər də var idi. Məsələn, Cinayət Məcəlləsində tikinti qaydalarının pozulmasına görə 1 ildən 4 ilədək müddətə azadlıqdan məhrum edilmək nəzərdə tutulurdu. İndi bu maddə bir az sərtləşdirilir. Mühafizə zonalarında torpaq ayırmasına qanunsuz icazə verməyə görə 314-2-ci maddə ilə vəzifəli şəxs 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilə bilərdi. Məgər bu sərt ölçü deyildir? Amma reallıqda bu maddələr işləmirdi. Bir çox qanunsuz tikilmiş bina və qurğulara görə bir nəfər də olsun vəzifəli şəxs indiyədək məsuliyyətə cəlb edilməmişdir. Deməli, əsas problem qanun boşluğunda yox, yenə də qanunun icrasında və dəqiq mexanizmin olmamasında idi.
Tikinti sahəsində nəzarət müxtəlif qurumlara həvalə olunmuşdu və bu da nəticədə baxımsızlığa gətirib çıxarırdı. Buna görə də mən Prezident tərəfindən tikinti sahəsində baş vermiş qanunsuzluqları aradan qaldırmaq üçün və bu sahədə qayda-qanun yaratmaq üçün bir quruma – Fövqəladə Hallar Nazirliyinə xüsusi səlahiyyətlər verilməsini ürəkdən alqışlayıram. Bu qərarı çox düzgün hesab edirəm və inanıram ki, hörmətli nazirimiz Kəmaləddin Heydərov və onun komandası bu sahəyə nəzarəti gücləndirəcək və boşluqları aradan götürəcək.
Təklif olunan dəyişikliklərə gəlincə, Mülki Məcəlləyə əlavə edilən 180.4-cü maddə ilə əlaqədar narahatlığımı bildirmək istərdim. Hörmətli cənab Sədr! Burada Jalə xanım da çox gözəl dedi. Bu maddə bir çox insanların sosial hüquqlarını poza bilər. Bu da bir az təhlükəlidir. Həmin maddə təzədir. Mülki Məcəlləyə əlavə olunur və biz onu çox asanlıqla dəyişdirə bilərik. Orada deyilir ki, tikinti və ya qurğu icazəsiz tikildikdə və ya tikinti normaları ciddi surətdə pozulduqda məhkəmənin qərarı əsasında sökülə bilər. Jalə xanım haqlı olaraq sual verir. Bu qanun qüvvəyə mindikdən sonra tikilmiş bina və qurğulara da şamil oluna bilərmi, ya yox? Əli müəllim, inanıram, buna cavab verər. Əgər şamil oluna bilərsə, onda biz gərək Bakıda binaların çoxunu sökək, çünki birinin sənədləri qaydasında deyil, digəri tikiləndə uşaq meydançası, yeraltı qaraj nəzərdə tutulmayıb, üçüncü bina müvafiq yerdə tikilməyib və sair. Belə olan halda sakinlərin hüquqlarını kim qoruyacaq? Bina söküləcəksə, onların kompensasiyasını kim verəcək? Məsələn, Naxçıvani küçəsində uçan binanın mənzillərinin mülkiyyətçiləri indi qeyri-müəyyən vəziyyətdə qalıblar. Həm mənzilsiz, həm də kompensasiyasız. Onlara kompensasiyanı kim verməlidir və bu hansı mexanizm vasitəsi ilə həyata keçirilə bilər? Həmin 180.4-cü maddəyə bir əlavə də edilsə, biz bütün bu suallara cavab verə bilərik. Orada mütləq qeyd edilməlidir ki, qanunsuz tikilən bina, ya qurğu uçurulan zaman təqsirli bilinən şəxs tərəfindən bu binada yaşayan və ya orada mənzil alan sakinlərin maddi itkiləri ödənilməlidir və onlara kompensasiya verilməlidir. Bu sözlər əlavə edilsə, hər kəs fikirləşəcək ki, belə qanunsuz işlərə getsin, ya yox? Çünki bəziləri imkanları da olsa 3-4 il islah əmək müəssisələrində keçirməyi üstün tuturlar, nəinki dövlətə və ya şəxslərə dəyən maddi ziyanı ödəməyi.
Mən bunun Əfv məsələləri üzrə komissiyanın üzvü kimi də dəfələrlə şahidi olmuşam. Əgər qanunsuz tikili ilə məşğul olan şəxs bilsə ki, o, qanunla maddi ziyanı onun tərəfindən aldadılmış adamlara mütləq ödəməli olacaq, bəlkə də belə əməllərə getməyəcək. Mən bu əlavələrə səs verəcəyəm, amma çox xahiş edirəm ki, mənim də təklifim səsə qoyulsun və biz bunu qəbul edək. 180.1-ci maddəyə əlavə belə səslənə bilər: “Qanunsuz tikilən binanın və ya qurğunun sökülməsi haqqında qərar qəbul edilərsə, bu qanunsuzluqda təqsirli bilinən şəxs binada yaşayan və ya orada mənzil alan sakinlərə dəyən maddi ziyanı ödəməlidir və onlara tam həcmdə kompensasiya verilməlidir”. Bununla da biz minlərlə sakinimizin sosial hüquqlarını qoruyub bu sahədə hər hansı yarana biləcək potensial konflikti yatırdacağıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Binanı tikən şəxs bu ziyanı ödəməyə də bilər. Bu təklif məsələni tam həll etmir. Ona 10 il iş verir və islah əmək koloniyasına göndərirlər. 10 ilə də bu binada yaşayanların pullarını ödəyə bilməyəcək. Siz deyən məsələ də bununla bağlıdır. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə çıxarılan tikinti qaydaları ilə bağlı Cinayət Məcəlləsinə və Mülki Məcəlləyə əlavə və dəyişikliklər, əslində, situasiyadan, şəraitdən doğub. Bakı şəhərinin bir rayonunda bina uçması baş verməsəydi, bizim bu məsələyə qayıtmağımız o qədər də aktual deyildi. Orada çoxsaylı insanın tələfatı bir daha bu məsələlərin və tikinti qaydalarının tənzimlənməsini vacib etdi.
Milli Məclisdə çıxış edərkən mən dəfələrlə Bakı şəhərində tikilən mənzillərin, binaların təhlükəsizliyinin çox ciddi sual altında olduğu məsələsini qaldırmışdım. Hətta yanğın baş verəcəyi halda yanğınsöndürən maşınların həmin əraziyə daxil olma imkanlarının çox məhdud olduğunu xatırlatmışdım. Təəssüflər olsun ki, bundan sonra da Bakı şəhərində bina, mənzil tikintisində belə proseslər durmadan davam etdi. Nədir bütün bunların kökü? Doğrudanmı, saydığımız kimi, qanunda olan boşluqlar və qanunun maddələrinin yerinə yetirilməməsidir və yaxud qanunvericilikdə – istər Mülki Məcəllədə, istərsə də Cinayət Məcəlləsində olan çatışmazlıqlardır? Əslində, hesab edirəm ki, məsələnin mahiyyəti heç də çatışmazlıqlarda deyil. Mövcud qanunvericilik ilə, istər Mülki, istər Cinayət Məcəlləsi ilə bu sahəni kifayət qədər düzgün tənzimləmək, insanların həyat və sağlamlığına ciddi zərər vura, mənafelərini tapdalaya bilən hər hansı hərəkətin qarşısını almaq mümkün idi.
Söhbət bu sektorda olan qanunsuz əməllərin məhz yuxarı orqanlar, qanunu qorumalı olan orqanlar tərəfindən həyata keçirilməsi ilə başlayır. Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş bu sektora nəzarət edən tərəflərin hamısı ciddi şəkildə bunun hamısına göz yumur. Bunun da əsasında ciddi şəkildə rüşvət amili dayanıb. Bakı Şəhər İcra Hakimiyyətində tikinti ilə bağlı mövqeyimi bir dəfə ifadə etmişdim. Hökumət nümayəndələri burada olanda demişdim. Hansı hökumət nümayəndəsi bilmir ki, bir blok üçün 150 min dollar rüşvət alınır. Fərqi yoxdur kim alır, necə alır. Amma reallıq budur ki, rüşvət kampaniyası var və rüşvəti verən adam arxayın olduğundan standartlara cavab verməyən əməllər edir. Çox təəssüf ki, hökumət nümayəndələri də buna cavab vermədilər.
Bu gün həmin sektorda rüşvət alınması, rüşvətin hesabına Bakının istənilən yerində ev, istənilən yerində bina tikilməsi nəticə etibarı ilə gətirib bu vəziyyətə çıxaracaq. Hansı qanunun verilməsindən, hansı maddələrə dəyişiklik edilməsindən asılı olmayaraq sabah yenə də bu proseslər davam edəcək, çünki həmin proseslər maddi maraqlar üzərində qurulub. Konkret olaraq icra strukturları rüşvəti alır, yeri satır və sonra nə baş verəcəyinin, hansı şəkildə baş verəcəyinin məsuliyyətini artıq binanı tikənin üzərinə yıxır. Təəssüflə qeyd edim ki, əsasən, icra strukturları özləri də mütəmadi şəkildə bu insanlarla tikinti sektorunda şərik, ortaq kimi çıxış edirlər.
Məsələn, bu yaxınlarda vətəndaşlardan mənə böyük bir şikayət daxil olmuşdu. 12 nəfərin mənzil hüququ tapdalanmışdır. Bir tikinti şirkətinin İsfəndiyar adlı rəhbəri kifayət qədər binalar tikib. Gəlib bir mərhələyə çatıb ki, o mərhələdə artıq vətəndaşların mənzil hüququnu tanımalı imiş. Lakin o hansı yolu tutub? İcraçı direktoru işdən çıxarır, o, artıq vəzifəsinə məsuliyyətsiz yanaşır, prokurorluq cinayət işi qaldırır. Bu əməlin Cinayət Məcəlləsində nəzərdə tutulan məsuliyyəti 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmədir. 14 milyon dollara qədər vəsait mənimsənilir. Bu adam da 3-5 il həbsdə yatır, ailəsinin də, özünün də kompensasiyası ödənilir. Cəzanın üçdə birini çəkəndən sonra ağır cinayət olmadığına görə həbsdən azad edilir. Şirkətin rəhbəri isə deyir ki, bu mənim məsuliyyətim deyil, icraçı direktorun məsuliyyətidir. Bu cür halların hamısına rəvac verən hüquq mühafizə orqanları, həm də bütün işlərin təşkilində kifayət qədər iştirak edən icra strukturlarıdır.
Bu dəyişikliklərin edilməsi ilə tikinti sektorunda əsaslı dəyişikliyə nail olmaq mümkün olmayacaqdır. Bu da vətəndaşların, bina tikənlərin məsuliyyətini artırmayacaq. Məsuliyyəti artıran məsələ, əslində, siyasi iradədir. Bakı Şəhər İcra Hakimiyyəti də, digər strukturlar da mənzil tikintisi ilə bağlı müraciət edən vətəndaşlarla hüquq çərçivəsində, hüquq normasında davransınlar, qanunsuz yollarla onlara hər hansı sənədlərin verilməsini təşkil etməsinlər. Bakı şəhərində 16 mərtəbəli bina tikilir və bu bina uçur. Sonra Bakı Şəhər İcra Hakimiyyəti deyir ki, 1994-cü ildə biz həmin binanın tikilməsi barədə sərəncam verməmişdik. Bakı şəhərində yaşayan hər bir adama məlumdur ki, daşı daş üstünə qoyduğun gün mənzil istismar sahəsinin də, polisin də, icra hakimiyyətinin də nümayəndələri gəlib başının üstünü kəsdirirlər ki, bu daşı niyə buraya qoymusan? Hətta şəxsi həyətdə belə iki daş hündürlüyündə qaldırsan da. Bakının mərkəzində 16 mərtəbəli bina tikilir. 1994-cü ildən bu yana tikinti işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyəti deyir ki, bizim xəbərimiz yoxdur və biz buna icazə verməmişik. Bakı Şəhər İcra Hakimiyyətinin bu cavabı nə qədər məntiqlidir? Bu bir daha sübut edir ki, əslində, Bakı Şəhər İcra Hakimiyyəti də ayrı-ayrı maliyyə oliqarxlarından, vəzifədə əyləşib həmin sahəni nəzarətdə saxlayan insanlardan çəkinir və mahiyyət etibarı ilə məsuliyyəti öz üzərindən atır.
Bu cür qanunlarla, əslində, tikinti sektorunu biz nəzarətdə saxlamayacağıq, əksinə, tikinti sektorunda inzibatçılığa, inhisarlaşmaya, mərkəzləşməyə, vahid əldə cəmlənmə prinsipinə daha da rəvac verib ayrı-ayrı insanlara şərait yaradacağıq ki, rüşvətin miqdarını artırsınlar. Bakı Şəhər İcra Hakimiyyətindən tutmuş bu sektora nəzarət edən bütün qurumlar yanaşı tikilən binaların hansı səviyyədə, necə tikilməsinə indiyə qədər diqqət etməyiblər. Diqqət etməyiblər ki, bütün tikinti normalarına zidd olaraq Bakı şəhərinin Xətai rayonunda hətta düz metronun arxasına 4-5 18 mərtəbəli bina söykənib. Bunun altından insanlar gedirlər. Metronun təhlükəsizliyini nəzərə almırlar? Layihə institutları buna rəy vermirlər? Bütün bunların hamısını siyasi iradə, hakimiyyətin yanaşması həll edə biləcək, bu cür qanunlar yox. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
müavini  B. Muradova  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Mən də Azərbaycan kimi inkişaf etməkdə olan ölkədə bir çox məsələlərin cinayət qanunvericiliyində cəzanın sərtləşdirilməsi ilə həll olunmasına tərəfdar deyiləm. Mahiyyətcə də bütövlükdə problemin həlli istiqamətində daha səmərəli addımlar atılmasının tərəfdarıyam. Amma konkret hadisə baş verib və bu hadisə baş verəndən sonra ictimai ovqatı müəyyən mənada sakitləşdirmək üçün belə addımlar atılırsa, buna etiraz etmək doğru deyil. Amma bütövlükdə bu proseslərin kökündə yatan məsələlər barədə tez-tez mətbuatda da, cəmiyyətdə də fikirlər səslənir. Faktik olaraq indi də qeyd edildi ki, Bakı Şəhər İcra Hakimiyyəti məsələyə münasibət bildirdi ki, bizim icazəmiz olmadan tikilibdir. Amma Azərbaycanda hər kəsə aydındır, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da Ezop dilində söyləyib ki, mənim bu binaların tikintisinə icazə vermək səlahiyyətim yoxdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının vəzifəyə təyin olunduğu ilk vaxtlarda Bakı şəhərində göstərdiyi fəaliyyət əhali tərəfindən təqdirlə qarşılandı. Sonradan nə oldu? Niyə bu məsələlər öz həllini tapa bilmədi? Burada bir səlahiyyət məhdudiyyəti, imkansızlıq var və bir çox məsələlərə müdaxilə etmək gücünün olmamasından söhbət gedir. Ona görə də bəzən məmurlar fikirlərini Ezop dilində deyirlər, çünki hansısa tikinti oliqarxına Bakı Şəhər İcra Hakimiyyəti başçısı səviyyəsində bir məmurun təsir göstərmək imkanları Azərbaycan şəraitində, hamı bilir ki, minimuma bərabərdir.
Hesab edirəm ki, biz bir çox problemləri mütləq həll etməli və sonra mülki və cinayət məsuliyyətini gücləndirməliyik. İndiyə qədər də bu maddələr var. Araşdırma aparın, görək maddələrə görə məsuliyyət daşıyanların say göstəricisi nə qədərdir? Demək olar ki, yoxdur. Bu onunla əlaqədardır ki, tikinti fəaliyyətinin bilavasitə özü başlanğıcdan cinayətlə başlayır. Ona görə cinayətlə başlayır ki, Azərbaycanda insanların mülkiyyət toxunulmazlığına dəyər verilməyən bir şərait yaradılıbdır. Binaların ərazilərində olan evlərin dəyərinin ödənilməsi, sadəcə, həmin sahibkarların vicdanına dayanan bir məsələyə çevrilir. Kiminsə vicdanı götürmür, fikirləşir ki, evin kvadratına görə bir qədər yüksək pul verim, çünki bazar qiymətləri bahadır. Kimin isə evi yandırılıbdır, kimsə zorla evindən çıxarılıbdır və yüzlərlə adam öz mənzilindən, yaşadığı sahədən razılaşdırılmamış formada məhrum olunubdur. Əgər başlanğıcdan belə bir məsələ ortaya çıxıbsa, demək, bunun sonu da gəlib Muxtarov küçəsində binanın sökülməsi ilə nəticələnməli idi. Bu baxımdan düşünürəm ki, birinci növbədə aşağıdakı islahatların edilməsi vacibdir.
Bu gün də biz məsələni müzakirə etməzdən əvvəl Tikinti fəaliyyəti haqqında qanun layihəsinə mütləq baxmalı idik ki, orada sahibkarın da hüquqlarını müəyyən edən məsələlər həllini tapsın. Bəzən deyirlər sement az olub, armatur az olub, düzgün işlədilməyib. Çoxu ayrı-ayrı instansiyalara verdiyi müxtəlif formalarda ödənclərin müəyyən kəsirini sementdən çıxır, sementi, armaturu kəsir, çünki sahibkar hər hansı bir işin altına giribsə, həmin işin altından çıxmaq üçün qanunsuz fəaliyyətlərə yol verməyə məcbur olur. Sahibkarların da haqqını demək lazımdır.
Birinci növbədə Azərbaycanda bu məsələlərin həlli istiqamətində ən vacib addım Bakı şəhərinin baş planının hazırlanması olmalıdır. Dəfələrlə mətbuatda səslənsə də, bu məsələyə münasibət bildirilməyib. Bakı şəhərinin seysmoloji xəritəsi hazırlanmalıdır ki, hansı zonalarda çoxmərtəbəli binalar tikilməsi, hansında tikilməməsi aydın olsun. Sovet dövründən qalan sənədlərin müəyyən bir qismi yandırılıb. Məktəblərin, poliklinikaların, səhiyyə ocaqlarının xəritələrində çox vaxt ərazini tapa bilmirsən, çünki müəyyən qanunsuz obyektlərin tikilməsi üçün şərait yaradıldığına görə bu sənədlər çox vaxt ortaya çıxarılmır. Bunlar mütləq olmalıdır ki, nəyə icazə verildiyi bilinsin. Dəyişikliklərdə şəhərsalma, tikinti normaları və qaydalarını ciddi formada pozmaqla aparılan tikintiyə görə məsuliyyət müəyyən edilir. Əgər ciddi pozuntu varsa, mütləq onun istinad etdiyi yeni sənəd ortaya qoyulmalıdır.
Üçüncü, Bakı şəhər böyük bələdiyyəsinin yaradılması məsələsinə start verilməlidir. Bir nəfərin üzərinə məsuliyyət qoymaqla biz... Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rafael Allahverdiyev idi. Çox adama metroların yaxınlığında ticarət obyektləri tikilməsi üçün sərəncam vermişdi. Sərəncamın da, bəllidir ki, müəyyən haqqı var. Amma vəzifə dəyişikliyi baş verəndən sonra heç kim sübut edə bilmədi ki, mən bu sərəncamı məhz dövlətdən almışam. Hansı yolla olur-olsun dövlətdə varislik qorunmalıdır. Əsas mülkiyyətdir və mülkiyyətin təhlükəsizliyi qorunmasa, ölkəni ciddi problemlər gözləyir, çünki bu hamıya lazım olan məsələdir. Xüsusi ilə də daha imkanlı adamlar üçün vacibdir ki, gələcəyinə təminat ala və cəmiyyətdə stabil iş fəaliyyətini davam etdirə bilsin. Təhlükəsizlik təminatı olmasa, hamı kapitalını başqa ölkələrə qoymağa, başqa yerlərə köçürməyə məcbur olacaqdır.
Digər tərəfdən, düşünürəm ki, burada mülkiyyəti zorla əlindən alınmış, yaxud da zərər çəkmiş vətəndaşlara kompensasiya ödənilməsi ilə bağlı məsələ öz həllini tapmalıdır. Bina uçdu, hamı söylədi ki, özəl sektora aiddir, dövlət burada məsuliyyət daşımır. Məsul adam da, ola bilsin, gedib 5-10 il həbsdə yatacaqdır. Amma orada onlarla, yüzlərlə adam məhz dövlətin verdiyi ərazidə bina tikən adama etibar edərək ev alıbdır. Onların günahı nədir? Onların çoxu borc-xərc toplayaraq ev alıbdır. Onlar nə etməlidirlər? Vətəndaşa xidmət edən hər halda bilməlidir ki, dövlətin icazə verdiyi standartlar üzrə ərazidə bina tikməlidir. Gələcəkdə hər hansı bir problemi yarananda dövlət vətəndaşın arxasında durmalıdır, dövlət vətəndaşa mütləq bu istiqamətdə dəstək verməlidir. Qanunlarda da buna müvafiq dəyişiklik etmək lazımdır.
Düşünürəm ki, baş verən hadisə bəlkə də xəbərdarlıqdır. Amma Azərbaycan cəmiyyətində çox qəribə bir meyl var. Hadisə baş verəndən 10-15 gün sonra hər şey, ölənlər, bina faciəsi unuduldu və hamı təzədən köhnə qaydada öz həyatını sürməyə başladı. Amma həyəcan, əslində, unudulmamalıdır və bundan kimsə sui-istifadə etməməlidir. Bu gün Azərbaycanda çox mənfi bir ənənə var ki, kimə isə bədbəxt bir hadisə baş versə, hamı dərhal onu cəzalandırmağa çalışır. Bir məmur hansısa bir xəstəlik tapıbsa, Allah şəfasını versin, dərhal mətbuat həmin xəstəliyi qabardaraq göstərməyə çalışır ki, filankəs filan ağır xəstəliyə tutulub, vəzifəsindən gedəcək. İnsanın nə ailəsini, nə şəxsiyyətini düşünmədən bu cür addımlar atırlar. Cəmiyyətdə bu ab-havanı dəyişmək olduqca vacibdir.
Cəzanın sərtləşdirilməsi bu problemin həllinə yönəlmiş məsələ kimi qiymətləndirilə bilməz. Biz məsələni kökündən həll etməliyik. Bakı şəhərinin baş planının dərhal hazırlanmasının yekunlaşdırılması istiqamətində tapşırıq verilməlidir, hökumət bu işi öz üzərinə götürməlidir və mütləq bələdiyyə strukturu yaradılmalıdır. Ona görə bələdiyyə strukturu yaradılmalıdır ki, heç olmasa, hər hansı bir ərazi kiməsə veriləndə, 6-7 nəfər oturub müzakirə edib onun məqsədəuyğunluğunu müəyyən etsinlər. Eybi yox, öz adamınıza verin, pulu öz adamınızdan alın, amma heç olmasa, metronun üzərində, kanalizasiya xəttinin ciddi infrastruktura mane ola biləcək sahələrdə belə işlər görülməsin. Əsas prinsip budur və hesab edirəm ki, bu məsələyə diqqəti ayırmağımız daha vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fazil müəllim. Mənim də çıxış etməyə hüququm var, mən də bir neçə kəlmə ilə münasibət bildirmək istəyirəm. Mən də Sizin dediklərinizə tərəfdaram ki, bütün məsuliyyət bir nəfərin üzərinə qoyulmamalıdır. Bir orqanın da, təkcə siyasi iradənin də üzərinə qoyulmamalıdır. Məlumata görə, bir binanın tikilməsinə icazə almaq üçün 40-dan yuxarı idarə və təşkilatın razılığı, rəyi olmalıdır. Hacıbala müəllimin günahını da yumuram. Buna da tərəfdar deyiləm ki, kiminsə məsuliyyətini azaltmaq istiqamətində çıxış edək. Sadəcə, tikintini planlaşdıran da, göstərişləri verən də, bunun üçün hər şeydən əvvəl müxtəlif orqanlardan icazəsini alan da həmin məsələyə real yanaşılmasını tələb etməlidir. Hansı problemlərlə üzləşəcəyi ilə ilk növbədə ciddi şəkildə maraqlanmalıdır. Həm seysmik, həm də digər cəhətlərdən hansı problemlərlə rastlaşacağını bilməlidir. Amma, əksinə, ona xatırlatmalar ediləndə, Hacıbala müəllimin yanına, prokurorluğa gəlib çıxmamış ilk instansiyadan, Siz dediyiniz kimi, tikintinin başlanmasında cinayət hallarını o tikintiyə icazə istəyən adamın özü yaradır, özü cinayətkar olmağa razılaşır. Gəlin həmin adamın da məsuliyyətini onun üzərindən götürməyək. Həmin adamı müxtəlif instansiyalarda qarşılayan və onun bütün xahişlərinə mümkün qədər real münasibət bəsləyən və tikintiyə icazə verən hər bir kəsin məsuliyyətini müəyyənləşdirək.
Mən bu sahədə məsuliyyətin bölüşdürülməsinə tərəfdaram. Hər kəs öz məsuliyyətini daşımalıdır və bunu siyasi mübarizə vasitəsinə çevirmək də düzgün deyil. Bəli, həyəcan azalmamalıdır, bu məsələ diqqətdən kənarda qalmamalıdır. Biz bunu gündəlikdən çıxarmamalıyıq. Hər bir vətəndaş özü maraqlı olmalıdır ki, gələcəkdə onun sosial, mülki hüquqları pozulmasın. Bu işə cavabdeh olan qurumlar da ciddi vətəndaş nəzarətini, ictimai nəzarəti hər zaman hiss etməlidirlər. Dediyiniz kimi, bir bədbəxt hadisə baş verəndə mətbuat bunu şişirdən kimi, biz millət vəkilləri də bu məsələnin siyasi tərəfini bir tərəfə qoyub bugünkü dəyişikliklər haqqında fikrimizi söyləyək. Bu necə icra olunacaq? Bundan sonrakı məsələlərə və sonrakı mərhələlərə də münasibət bildirək. Bu gün bizim vəzifəmiz konkret olaraq konkret maddəyə, konkret dəyişikliyə münasibət bildirməkdir. Mən xahiş edirəm, müzakirələr bu istiqamətdə getsin. Binanın uçması ilə bağlı cinayət məsuliyyətini müəyyən edən işlər aparılır və bu sahədə hər kəs öz cəzasını alacaq və biz də buna ciddi nəzarət edəcəyik. Mən xahiş edirəm, çıxışlar bu istiqamətdə olsun. Pənah Hüseyn.
P. Hüseyn. Çox sağ olun. Hər halda mən çıxışımı onunla başlayıram ki, hal-hazırda tikintidə yaranmış vəziyyət, sadəcə, texniki təhlükəsizlik məsələsi olmayıb siyasi əsaslara söykənir. İndiki iqtidarın özünün əsas nailiyyətlərindən biri sayıb hər yerdə ağız dolusu öyündüyü tikinti budurmu? Tikintidə yaranmış vəziyyət ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin qeyri-elmi, qeyri-insani və qanunsuz xarakterini əks etdirir və korrupsiyaya əsaslanan idarəçilik üsulunun eybəcərliklərini ən açıq şəkildə açıb ortaya qoymuşdur. Konkret olaraq yaranmış vəziyyətlə bağlı baş verən hadisədən sonra, dövlət başçısının verdiyi fərmandan da sonra hər hansı yaxşılaşmanın olmaması, korrupsiyanın azalmaması, rüşvətin azalmaması, qanunsuz sərəncamların verilməsi bunu göstərir.
Mənim qarşımda Bakı Şəhər İcra Hakimiyyətinin şəxsən mənə göndərdiyi bir sorğu dayanıb. Bilirsiniz ki, Heydər Əliyev sovet dövründə yeni yaşayış məntəqələrinin salınmasını özünün əsas nailiyyətlərindən biri sayırdı. Mən şəxsən onun özündən eşitmişəm ki, o, 8-ci mikrorayon və başqa yaşayış yerlərinin planlaşdırılmasında iştirak edibdir. Həmin planlaşdırmaya görə tikilən yaşadığım binanın həyətində bu gün üç 16 mərtəbəli binanın tikilməsinə icazə verilib. Yenə mərhum Heydər Əliyevin sözlərini xatırlayacağam. Burada hörmətli Heydər Əliyev deyirdi ki, hər bir ağac kəsiləndə, mənə elə gəlir, öz əllərimin kəsilməsini görürəm. Cənablar, Heydər Əliyevin əlləri hər an, hər gün kəsilir. Necə olur ki, yəni pul rüşvət, mənfəət olan yerdə Heydər Əliyevi yaddan çıxarırsınız?
Mənə indi təqdim etdilər. Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 58 ünvanında Geoloqlar evinin qarşısında qanunsuz tikinti, ağacların qırılması haqqında teleqram gəlib. Daha böyük məsələdən danışaq. Neftçilər küçəsi, 97. Həmin binanın sakinlərinin mətbuat konfransında iştirak etdim. Fövqəladə Hallar Nazirliyi təxminən iki həftə bundan əvvəl gələrək 90 sm divarı olan tarixi binanın qəza vəziyyətində olması barədə xəbərdarlıq edib. Hörmətli Hacıbala müəllim onları dəvət edib. Deyib ki, sizə mən Həzi Aslanov metrosunun yanında ev verirəm. Bir həftə ərzində binanı boşaltmalısınız. Biz bunları qabaq Hindistan filmlərində görmüşdük. Bu hadisə İlham Əliyevin məlum fərmanından sonra baş verib. Burada həmkarlarımdan biri tərif söylədi, Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bağlı ümidlərini bildirdi. Bu nazirlik yaradılandan, Tikinti və Arxitektura Komitəsi həmin nazirliyə veriləndən sonra rüşvətin ən azı 30-40 faiz qalxması haqqında məlumatlar gedir. Bizim Fövqəladə Hallar Nazirliyi mətbuat və ictimai rəydə korrupsiyanın və rüşvətxorluğun rəmzi kimi tanınır. İçərişəhərdə baş verən qanunsuzluqlar, oranın sökülməsi birbaşa Heydər Əliyev Fondunun, onun sədrinin adı ilə bağlanır. Mən bilmirəm ki, bu belədir ya yox? Amma heç kəs cavab vermir.
Burada indi biz mənasız məsələlərdən danışırıq. 1999-cu ildə Heydər Əliyevin dövründə “Şəhərsalmanın əsasları haqqında” Qanun qəbul olunubdur, bütün tikinti normalarının əsasları haqqındakı qaydalar ümumi şəkildə həmin qanunda öz əksini tapıbdır. Konkret məsələlər 2003-ci ildə Nazirlər Kabinetinin “Arxitektura və Tikinti Komitəsinin tikintiyə nəzarət qaydaları haqqında” məlum qərarında öz əksini tapıbdır. Azərbaycan Beynəlxalq Standartlaşdırma Komitəsinin üzvüdür. Tikintilər zamanı ətraf mühitin dəyərləndirilməsi və bir sıra beynəlxalq standartlar, müqavilə öhdəlikləri, norma və qaydalar vardır, amma onlara əməl edən yoxdur. Ağac qalmayıb, stadionlar qalmayıb. Hətta Həsən Əliyevin dövründə böyük əziyyətlə salınmış Nəbatat bağına girişiblər indi. Bütün bunlar dövlət başçısının, Milli Məclisin rəhbərliyinin gözü qarşısında baş verir. Hansı binanın adı çəkilirsə, orada hansısa nazirliyin, prokurorluğun adı çəkilir. Hətta Milli Məclisin rəhbərliyinə də istinad olunan binalar var. Əgər lazım olsa, mən deyərəm hansı binadır.
Sədrlik edən. Milli Məclisin rəhbərliyindən mətbuatda mənim adım gedib. Belə deyirlər ki, guya uçan binanın iş icraçısı mənim qardaşımdır. Ona görə ki, onun soyadı Muradovdur. Həmin adamın 75 yaşı var, mənim qardaşımın 50 yaşı.
P. Hüseyn. Düzü, mən bilmirdim, bu təzə məlumatdır.

Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Təzə məlumatlar çoxdur Sizdə. Bilmədiyiniz sözləri danışmayın. Milli Məclis Sədrinin heç bir binası da yoxdur. Heydər Əliyev Fondunun adını çəkirsiniz. Fondun elədiyinin bir faizini sən etsən, mən sənə heykəl qoyduraram. Xahiş edirəm, məsələ ətrafında danışın.
P. Hüseyn. Rusiya səfirliyinin yanındakı binanın guya, mən bilmirəm, cənab Sədr tərəfindən tikildiyini deyirlər. Mən sözümü yekunlaşdırıram. Mən hesab edirəm ki, vəzifəli şəxslərin hərəkətsizliyi haqqında Cinayət Məcəlləsinə edilən əlavə müəyyən bir rol oynaya bilər. Amma əsas məsələ mövcud qanunların icrasına yönəlməlidir. Bu qanunla yanaşı ölkədə mənzil tikintisi sahəsində yaranmış vəziyyətin dövlət əhəmiyyətini, ictimai əhəmiyyətini nəzərə alaraq müvafiq hökumət üzvlərinin, nazirlərin, hüquq mühafizə orqanlarının iştirakı ilə əlavə geniş dinləmələrin, müvafiq qərarların həyata keçirilməsini təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah bəy, Siz millət vəkilisiniz, xahiş edirəm, çıxış edəndə “deyilənə görə”, “yazılana görə” sözlərini işlətməyin. Çox şeylər yazırlar. Bəzi savadsız jurnalistlər yazırlar ki, Oqtay Əsədovun ürəyini operasiya edirlər, ona görə də Milli Məclisin Sədri vəzifəsindən istefa verir. Bəziləri yazırlar ki, onun Kürdəmirdə üzüm plantasiyası var. Yazılanlara görə çıxış etmək düzgün deyil. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, ölkə Prezidenti tərəfindən müzakirəmizə təqdim olunan müəyyən qanunvericiliyə dəyişikliklər və əlavələr çox yerindədir. Məhz ölkə başçısı ölkədə gedən bütün islahatları qabaqlayır və sahə qanunlarının təkmilləşdirilməsi üçün müəyyən təkliflərlə çıxış edir. Həmin düzəlişləri Milli Məclisə təqdim edir. Hesab edirəm ki, bu, yerində görülmüş tədbirdir. Burada kifayət qədər sözlər deyildi, kimin sualı varsa verə bilər.
Hesab edirəm ki, Milli Məclisin payız sessiyasının işlər planına görə İnşaat fəaliyyəti haqqında qanun layihəsini qəbul edəcəyik. Əgər ehtiyac olarsa, cənab Sədr, Daxili Nizamnaməyə uyğun olaraq İnşaat fəaliyyəti haqqında qanun layihəsi ikinci oxunuşa da göndərilə bilər. Həmin qanun layihəsinin mükəmməlləşdirilməsi, işlək mexanizminin yaxşı təmin edilməsi üçün bu məsələlər sahə qanununda göstərilə bilər. Düşünürəm ki, həmin hüquqi aktların müzakirəsinin yeri deyil. Ona görə də təklif edirəm ki, həmin məsələləri biz bu gün səsə qoyub qəbul edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Maraqlı haldır, gündəliyə çıxarılan məsələlərin məğzi ilə bağlı çıxış etmirlər. Fürsətdən istifadə edib istədikləri sözləri danışırlar. Lakin məsələnin məğzi ondan ibarətdir ki, bu qanun layihəsi tikintiyə olan nəzarətin gücləndirilməsi haqqındadır. Buna kimin etirazı var? 10 nəfər çıxış edən olub, 13 nəfər də yazılıb. Deməli, bir nəfərə söz verək, sonra səsə qoyaq. İltizam Əkbərli.
İ. Əkbərli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Aydındır ki, bu gün müzakirə edilən layihə insan ölümü ilə nəticələnən məlum binanın çökməsi ilə əlaqədar müzakirəyə çıxarılıbdır. Təbii ki, təqdim olunan formada da qəbul olunacaqdır. Lakin layihə ilə bağlı suallarım olduğundan istərdim ki, onları sizin nəzərinizə çatdırım.
Birinci, nəyə görə məhz faciə baş verəndən sonra bu dəyişikliklərin edilməsi yada düşdü? Məgər uzun illər ərzində hökm sürən qanunsuzluqları heç kim görmürdü? İkinci, inanmaq olarmı ki, bugünkü dəyişikliklər və əlavələr, doğrudan da, tikinti sahəsindəki qanunsuzluqların qarşısını alacaqdır? Mən tikinti sektorunda yol verilən qanunsuzluqları göz önünə gətirdim və əksər insanlardan fərqli olaraq yaranmış vəziyyət üçün tikinti şirkətlərinin rəhbərliklərini deyil, bu sahəyə rəhbərlik edən dövlət qurumlarını daha çox təqsirli bildim. İndi də hesab edirəm ki, aşağıdan yuxarıya qədər bütün ölkə miqyasında torpaq sahələrinin ayrılmasında, istərsə də bu torpaq sahələri üzərində tikinti işlərinin aparılması üçün verilən qərar və sərəncamlar müqabilində məmurların açıq-aşkar və görünməmiş məbləğdə rüşvət alması tikinti xərclərini artırdığından mütləq tikintinin keyfiyyətinə təsir etməli və məlum faciəyə gətirib çıxarmalı idi.
Keçən illər ərzində qanunvericiliklə müəyyən olunmuş qaydaların pozulması ilə həm Bakıda, həm də rayonlarda xeyli tikinti işlərinin aparılmasının səbəblərini bu rüşvətdə axtarmaq lazımdır. Məhz bunların hesabına qadağan olunan yerlərdə, yəni yüksək gərginlikli elektrik xətlərinin altında, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, suların mühafizə zolaqlarında və ya digər yerlərdə son 10 il müddətində kifayət qədər tikinti aparılmışdır. Heç kimə sirr deyil ki, müvafiq dövlət qurumları tikintidə təhlükəsizlik qaydalarının pozulmasına, insanların öz sağlamlıqları üçün çox təhlükəli bir şəraitdə çörək pulu qazanması faktlarına məhz həmin rüşvətlərin hesabına indiyə qədər göz yumublar. Bu mənada əməyin təhlükəsizliyinə nəzarət edən qurumların son bir ay müddətində kütləvi informasiya vasitələrində reklam olunan və acı gülüş doğuran canfəşanlığı da müvəqqətidir. Əmin edirəm ki, çox qısa müddətdən sonra bütün işlər yenə də əvvəlki məcrasına dönəcəkdir.
Ölkədə qanunların icrasına nəzarət olmadığından, qanunlar işləmədiyindən məsuliyyət məsələsi tamam unudulmuşdur. Əgər qanunlar işləsəydi, daha doğrusu, Mülki Məcəllədə, Cinayət Məcəlləsində bu gün də qüvvədə olan müvafiq maddələr işləsəydi, təbii ki, tikinti sektorundakı bərbad vəziyyət ortada olmazdı. Məlumdur ki, bu gün qüvvədə olan Cinayət Məcəlləsində qanunsuz tikililərə icazə verilməyə görə 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulubdur. Əgər qanunun bu maddəsi indiyə qədər işləməyibsə, indi məcəlləyə dəyişiklik edib “4 il” sözünü “2 ildən 4 ilə qədər” sözləri ilə əvəz etmək nəyi dəyişəcək? Təhlükəsizlik qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə görə 3 ildən 8 ilədək olan cəza müddətinin 4 ildən 10 ilə qədər artırılması məgər vəziyyəti yaxşılığa doğru dəyişəcəkdirmi?
Fikrimcə, Azərbaycan reallığında qanunlara bu və ya digər sərtləşdirici maddələri əlavə etməklə mövcud bərbad vəziyyətin aradan qaldırılacağına inanmaq sadəlövhlükdən başqa bir şey deyildir. Nə qədər ki ölkədə korrupsiya tüğyan edir, qanunlar işləmir, məmur özbaşınalığının qarşısı alınmayır, qanunlarda belə dəyişikliklər etmək vəziyyəti heç vaxt dəyişməyəcəkdir. Əksinə, hesab edirəm, təklif olunan bütün sərt maddələr indiki korrupsiya mühitində tikinti xərclərinin artırılmasına gətirib çıxaracaqdır ki, bu da sonda hətta indikindən də faciəli vəziyyətin yaranması ilə nəticələnəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təklifinizdən belə çıxır ki, məsuliyyəti bir az azaltmaq lazımdır? İki nəfər israr edir. Zahid Oruc və Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Mənim israr etməyimə səbəb təkcə tikinti ilə bağlı dəyişikliklər və əlavələr deyil. Burada özümü çox narahat, təhqir olunmuş hesab edirəm. Pənah bəy, icazə verin, nəzərinizə çatdırım ki, Siz çox qeyri-obyektiv, çox qeyri-dəqiq, çox insafsız və çox Allahsız danışırsınız. Siz elə danışırsınız ki, guya Azərbaycan Respublikasında reallıqları bilən, həqiqəti söyləyən bir adam varsa, o da Sizsiniz. Mən də Sizdən sual etmək istəyirəm. Bəyənmədiyiniz Heydər Əliyevçilərdən biri – mən 2004-cü ildə Yasamal rayonunda iki sərəncamın ləğv edilməsinə nail olmuşam. Bir il bundan qabaq uçmaq təhlükəsi olan bina ilə bağlı parlamentdə çıxış etdim və bu çıxışımdan sonra ANS efirindən çox güclü təhqirlərə məruz qaldım, amma buna baxmayaraq, həmin işin dalınca getdim. Bəyənmədiyiniz nazirliklərin birinin nümayəndəsi – fövqəladə hallar nazirinin müavini burada əyləşib. Getdilər yeni bir bina təşkil etdilər, adamlar həmin binanın altında qalmadılar. Adamın Allahı olar. Siz neçə nəfərin taleyi, məhz belə məsələ ilə bağlı xahiş etmisiniz? Məhz sakinlərlə bağlı hansısa icra hakimiyyəti ilə üz-üzə gəlmisiniz? Bəli, problemlər var, kim deyir ki, yoxdur. Mən sizdən də qabaq bunlar haqqında demişəm, təhqirə də məruz qalmışam. Özü də ki, qadınam. Mən sizə deyirəm. Bəli, mən cənab Prezidentin qəbuluna getmişəm. Bizim də həyətimizdə bina tikiləcəkdi, bunların ikisinin də sərəncamı ləğv edildi. Oğulsan, get bir sərəncamı ləğv etdir.
İkinci, mənim deyəcəyim bir təklif var. Düzdür, biz bu məsələlərlə bağlı bir çox təkliflərimizi verdik. Hesab edirəm, Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr lazımdır, amma, Oqtay müəllim, icazə verin, mən də deyim ki, burada bir qədər boşluqlar var. Bunlar nədir? Bilmirəm, bəlkə də bunları yeni İnşaat haqqında qanunda nəzərdə tutacaqlar, amma güman edirəm ki, bu məsələlər çox yetişib. Birincisi, bunların sığortalanması məsələsidir. Bayaq Bahar xanım qeyd etdi. Deyildi ki, həbs məsələsi var, əmlak məsələsi var. Böyük binalar sığortalanmasa, ziyan çəkmiş insana kompensasiya ödətmək çox çətin olacaq. Çox yaxşı bilirik ki, bu dəqiqə varlı insanların özünün əmlakı yoxdur. Sabah məhkəmə müsadirə haqqında qərar versə belə, müsadirə etməyə heç nə tapmayacaqlar. Biri anasının, biri dayısının adınadır və sair.
İqbal bəyə də çıxışı ilə bağlı bir şey demək istərdim. Cənab İqbal Ağazadə həbsxana həyatı görmüş real müxalifətçidir. Məsələ burasındadır ki, bu əməllər üçün 2-3 il həbs cəzası nəzərdə tutulub. Cavan adamdırsa onun üçün uzun müddət deyil. Mənə elə gəlir ki, doğrudan da, bu məsələlərdə daha çox maddi məsuliyyət məsələsini qabartmaq lazımdır. Mənzillərin sığortalanmasını mütləq həyata keçirmək lazımdır. Qanunlarımızda bunu nəzərdə tutmaq lazımdır ki, mənzillər bu və ya digər hadisədən, zəlzələdən və ya digər hallardan mütləq sığortalanmalıdır. Bizim borcumuz millət vəkili olaraq vətəndaşın hüquqlarını qorumaqdır. Qanunlar ona xidmət etməlidir ki, vətəndaşlar ziyan görməsinlər, vətəndaşların hüquqları qorunsun. Bu səbəbdən atacağımız bütün addımlar buna xidmət etməlidir. Sığortalanma məsələsi mütləq nəzərdə tutulmalıdır.
Digər məsələ isə vəzifəli şəxslərin bu cür ehtiyatsız... Düzdür, burada “səhlənkar” sözü yazılır, mən bu sözlə razı deyiləm. Həzrət Əlinin yaxşı bir aforizmi var, deyir: “əgər eşitsəniz ki, dağ yerini dəyişib, buna inanın, əgər eşitsəniz ki, insan xasiyyətini dəyişib, buna inanmayın”. Əgər kimsə vəzifədə oturub vəzifəsindən sui-istifadə edirsə, mən inanmıram ki, onu 3 il azadlıqdan məhrum etdikdən sonra yenidən vəzifəyə gələndə yeni bir insan kimi gəlsin. Təkliflərimdən biri də bundan ibarətdir ki, vəzifədən uzaqlaşdırmaq müddəti, heç olmasa, 10 il götürülsün. Digəri də maddi məsuliyyət məsələsi həm bina sahibləri, həm də bu işə icazə verən insanlarla bağlı qəbul edəcəyimiz qanunlarda öz əksini tapsın. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Dediyiniz məsələ çox vacib məsələdir. Mən sizi əmin edirəm ki, Tikinti fəaliyyəti haqqında qanunda bunların hamısı nəzərə alınacaq. Onun üzərində çox möhkəm iş gedir, təkrar oxunuşa göndəriləcək və bütün qanuni məsələlər orada öz əksini tapacaq. Qənirə Paşayeva.
Q. Paşayeva. Oqtay müəllim, məsələyə aid sualım olmayacaq. Ancaq çalışacağam, qısa münasibət bildirim. Elmira xanım dedi, biz bunu qəbul edirik, yeni maddə salırıq, bu çox vacib bir məsələdir, ancaq biz burada vətəndaşı da nəzərə almalıyıq. Bu gün həmin insanların o evləri nə əziyyətlə aldıqlarını hamımız bilirik. Kimsə borc tapır, kredit götürür, bir hissəsini keçirir, bir hissəsini yavaş-yavaş verir. Biz deyirik ki, bu bina yarasızdır, qaydaya uyğun tikilməyib. Yazmışıq bütün maddələri, məhkəmə də qərar versin sökək. Uçan bir binanın sakinlərinin vəziyyətini görürük. İnsanlar deyirlər ki, nə əziyyətlə almışıq bu evləri. Həmin adamların bir neçəsi gəlmişdi, mən onları görmüşəm. İndi nə edəcəklərini özləri də bilmirlər. Çoxu hələ borcunu verib qurtarmayıb.
Biz indi yeni bir maddə yazırıq və bununla icazə veririk ki, bu tipli binalar söküləcək. Bəs camaat nə edəcək? Elmira xanım da bunu dedi. Bu insanlara dəyən ziyan ödənilməlidir. Mən ev alıram, tikinti ustasıyam ki, bilim bunun icazəsi var, geoloji, seysmoloji xarakteristikası verilib, ya yox? 16 mərtəbəli bina tikilirsə, deməli, dövlət orqanları icazə veriblər, mən də gedib alıram. İndi bina sökülür, ziyanda isə mən qalıram. Yaxud heç tikinti sahibinin adına da deyil, kimə isə cəza verdilər, cəza illəri keçdi, mənim pulum batacaq, nə olacaq? Bir qanun qəbul edəndə mütləq reallığı, nəticələrini nəzərə almalıyıq.
Mən Əli müəllimə sual vermək istəyirəm. Burada deyirlər ki, maddi ziyanı kim ödəyəcək, bəlkə tikinti şirkəti? Bayaq Bahar xanım da dedi, 40 təşkilat var ki, həmin tikintiyə icazə verir. Zəhmət çəksin ona icazə verən məmur öz mülkünün hamısını ortaya qoysun – Bakı şəhər icra başçısıdır, bilmirəm kimdir, onların mülkünü satıb camaata kompensasiya vermək lazımdır. Belə olsa, onlar icazə verməyəcəklər. Tək tikinti şirkəti deyil, onlar icazə veriblər, əlbirdirlərsə əlbir də kompensasiyanı ödəsinlər. Mən xahiş edirəm, biz bu insanları nəzərə almalıyıq. Oqtay müəllim, biz bu dəyişiklikləri edirik. Düzdür, indi tikintilərdən, binalardan danışırıq. Bakı şəhərinin kənarında hamı tikir.
Sədrlik edən. Qənirə xanım, Siz sualdan çıxışa keçdiniz. Xahiş edirəm, sualınızı verdiniz, suala cavab verəcəklər.
Yerdən. (Eşidilmir.)
 Sədrlik edən. Elmira xanım, mən iclası necə aparmaq lazım olduğunu bilirəm. Xahiş edirəm, təklif vermisiniz, cavabını gözləyin. Zahid Orucova söz verirəm, bununla da çıxışları qurtarırıq. Sonra Əli müəllim suallara cavab verəcək. Buyurun.
Z. Orucov. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən burada hər kəsdən xahiş edirəm ki, ulu öndərin ruhunu incitməsinlər. Zamanı gələndə o kişiyə bioloji, mənəvi hücumlar edənlər, heç ondan sitat gətirməyi yadına salmayanlar indi bu gün Heydər Əliyevin ağacların kəsilməsi ilə bağlı deyilən fikrindən öz maraqları üçün istifadə etməyə başladılar. Allah o kişinin ruhunu şad eləsin. Azərbaycanın dünəninin də qurucusu kimi çıxış edib, bu gün də onun ideyaları qurucu rolunu oynayır. Kimsə indi onu başqa bir janrda təfsir eləməsin, istismar etməsin.
İkinci, ayrı-ayrı çıxışları dinləyəndə təsəvvürüm təxminən belə oldu ki, yeni binaların üzərinə bu cür hücuma keçməklə Azərbaycanın tikinti reputasiyasını, tikinti imicini niyə bu qədər aşağı salırlar? Bu ölkədə təkcə çoxmənzilli, hündür mərtəbəli binalar deyil, binalarla yanaşı, məktəbdən zavoda qədər çoxlu ayrı obyektlər də tikilir.
Başqa tərəfdən, mən hər bir köhnəliyi, yaxşı mənada, müqəddəsləşdirməyib saxlamağa tərəfdaram. Amma biz bəzən köhnə Bakının hərdən ağrısını hiss edirik, göz yaşları tökürük ki, bu evlər Lənkərandakı binalar kimi uçacaqdır. Bu gün tikinti şirkətinin, hakimiyyətin əleyhinə çevrilənlər həmin binaların uçacağı təqdirdə yenə də hakimiyyətin üzərinə gedəcəklər. Axı əsl real vəziyyəti müəyyənləşdirməliyik. Nədən xilas olduğumuzu bilməliyik. 1989-cu ildə mən Bakıya gəlmişəm. Gördüyüm Bakının bir hissəsi öz ömrünü yaşayıb qurtarmışdı. Hər bir insan kimi cansız tikililərin də öz ömrü, istismar müddəti var. Hesab edirəm ki, uçan bir binadan hakimiyyətin üzərinə yerimək, hökm çıxarmaq üçün bütün siyasi, iqtisadi, hüquqi imkanlardan istifadə, uzaqgörən nəticələr çıxarmaq üçün istifadə etmək olmaz. Bunu bu dərəcədə istehlak etmək olmaz.
Digər tərəfdən, cənab Sədr, hər birimiz görməkdəyik ki, bu gün istər Bakıda, istər Azərbaycanın digər yerlərində ciddi tikinti, quruculuq işləri getməkdədir. Bir tərəfdən çoxlu ağaclar əkilir, binalar tikilir, digər tərəfdən də bizim milli dəyərlərimiz ortadadır. Bu hansısa siyasi iqtidarla bağlı deyil. Bu gün ədalətdən danışırıq. Yaxşı binaların yaxşı ərazilərdə tikilməsini tələb edənlərə, həmin müxalifətçilərin birinə Bakı Sovetinin ən yaxşı yerində 10 sot torpaq təklif etsəydilər, o bundan imtina etmək qüdrətində olmayacaqdı. Mənim buna tam əminliyim var. Millət haqqında bu sözü demək də bəlkə qüsurludur, amma bu bizim milli xüsusiyyətlərimizdir. Biz harada nə varsa onun üzərindən bu qədər tezliklə keçməyi və ondan pul çıxarmağı bacarırıq, öyrənmişik. Bunu siyasi iqtidarın ayağına yazıb, hakimiyyətin günahı kimi niyə qələmə verək?
Bəli, birinci növbədə işğal reallığı Bakıda hiss olunur. Hiss olunur ki, Qarabağda torpağın qiyməti 3-4 min dollar olsaydı, Bakıda torpağın qiyməti belə bahalaşmazdı və bu qədər tikinti ayrı-ayrı insanların mənafelərinə toxunmazdı. Biz bu gün həmin düzəlişləri qəbul etməliyik. Başqa tərəfdən biz sahibkarlar ordusunun maraqlarını düşünməliyik. Bayaq biz mütəxəssislərdən birinin fikirlərini dinlədik. O dedi ki, hələ də köhnə əmsallarla hesablamalar ortadadır. Sovetlər dağılıb, sovetlərin dövründə işləyən qanunlar da çoxdan ömrünü tapşırmalı idi. Amma bir tikintinin hesablamasındakı qiymət şkalaları hələ də 1991-ci ilin əmsalı ilə vurulmaqla tapılır. Bunları düzəldək. Tikinti sektorunda mövcud problemlərin aradan qaldırılması üçün sağlam təkliflər verək, nəinki onu ifşa hədəfinə çevirək. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının məhəllələrindən birini göstərirdilər. Onların dövlət təsisatları konkret olaraq layihələrlə çıxış edirlər, həmin layihələrin əsasında bir binanın o birindən fərqlənməyəcəyinin, yaxud da fərqlənəndə milli ornamentlərin, milli xüsusiyyətlərin, milli konstruksiyanın nəzərə alınmasının sifarişçisi dövlət özüdür. İndi deyirik ki, hansısa binalar köndələndir, normal ornamentləri ifadə etmir, yaxud da başqa qüsurları var. Bu bizim özümüz tərəfindən işlənib hazırlanmalı bir siyasət olmalı idi. Biz bunu etməmişik. İndi etmək üçün addımlar atılır.
Yeri gəlmişkən, burada tikinti siyasətindəki problemlərdən danışırlar. Fövqəladə Hallar Nazirliyinin etdiyi işləri əsas götürüb problemin üzərinə getməkdənsə, dad-aman edirlər. Mən Fövqəladə Hallar Nazirliyinin müdafiəçisi kimi çıxış etmirəm. Onların imkanı var idi ki, 5 nəfərə desinlər: “buyurun, çıxış edin”. Amma açıqdan-açığa həmin problemlərin üzərinə gedirlər. Niyə narahatdırlar? Cənab Sədr, biz göndərilən sənədə səs verməliyik və qanunun hazırlanmasında daha ciddi addımlar atmalıyıq ki, qüsurlar olmasın. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əfsuslar olsun ki, biz bu gün tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədindən danışarkən, çoxları bundan istifadə edib öz siyasi ambisiyaları ilə çıxış edirlər. Qanun layihəsi məsuliyyətin gücləndirilməsinə yönəldilib, dəyərincə müzakirə olundu. Sözü verək Əli Hüseynova, qaldırılan suallara cavab versin, sonra səsvermə keçirək.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, Siz tamamilə düzgün buyurdunuz, təəssüf ki, qanun layihəsi ətrafında yox, daha çox tikinti problemləri və təkcə tikinti problemləri yox, ümumiyyətlə, şəxsiqərəzlik, bəzən də ehtimallarla, “guya”, “kimi” anlayışlara söykənən, əslində etik çərçivədən kənarda olan ittihamlar səsləndirildi. Əgər hansısa bir qanunun icrasına nail olmaq istəyiriksə, özümüz hər hansı fikir söyləyəndə gərək ciddi əsaslara söykənək. Ümumiyyətlə, vəzifəli şəxsləri rüşvətdə, korrupsiyada ittiham etmək faktlara söykənmirsə, bu artıq böhtandır. Gərək biz bu ifadələrimizdə həddindən artıq ehtiyatlı olaq. Belə hallar bütün ölkələrdə olduğu kimi bizdə də mövcuddur. Bunun qarşısını almaq lazımdır. Elə bilirəm ki, bu yanaşma tərzi ona aparan yoldan biri deyil. Bu sahə ilə bağlı sualları cavablandırmayacağam.
Razıyam ki, tikinti sahəsini tənzimləyən qanunvericiliyin qəbul olunması deputatlar tərəfindən düzgün qeyd olundu. Bu layihə qanunvericilik planında var. Fürsətdən istifadə edib bir məsələni də qeyd etmək istəyirəm. Bir sıra məsələlər mülki qanunvericilik ilə tənzimlənir. Ola bilər ki, həmin qanun qəbul ediləndə mülki qanunvericilik ilə bağlı müəyyən göndərişlər olsun. Baxmayaraq ki, prinsipcə, bizim qanunvericilik dəymiş ziyanın ödənilməsi ilə bağlı məsələləri özündə ehtiva edir. Hətta konkret olaraq bir cinayət işi ilə bağlı məsələlər araşdırılıbsa, ona cinayət qanunvericiliyi baxımından hüquqi qiymət verilibsə, eyni zamanda, vətəndaşların imkanı var ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada da iddia qaldırsınlar. Bu hallar da mövcuddur. Kompensasiya ilə bağlı olan məsələlərə biz bir daha qayıda bilərik.
Cinayət qanunvericiliyinin tətbiqi ilə bağlı yeganə bir narahatçılıq oldu. Jalə xanım məsələ qaldırmışdı, özü də Konstitusiyaya söykənib cavabını verdi. Həqiqətən də, heç kəs törətdiyi hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Bu müddəanı hər dəfə qanun təqdim edəndə, sanksiyalaşdıranda ortaya qoymaq lazım deyil, çünki Konstitusiya var, onun müddəası var və həmişə qüvvədədir. Qanun tətbiq edənlər də bilirlər ki, Konstitusiyanın müddəasını pozmaq olmaz. Hətta qanunda bir yanlışlıq, ziddiyyət varsa da belə, əsas Konstitusiyadır. Ona görə də bu problem mövcud deyil və narahatlığa da bir əsas yoxdur.
Qanun layihəsində bir neçə anlayış var. İlk baxışdan bizim üçün yeni gəlir. Misal üçün, “real təhlükə” anlayışı. Amma bizim cinayət qanunvericiliyində bir neçə onillikdir digər cinayətlərlə bağlı “real təhlükə” anlayışı var və Cinayət Məcəlləsinin şərhlərində də onunla tanış olmaq mümkündür. Təbii ki, qərar qəbul edənlər də, hakimlər də, məhkəmələr də həmin anlayışa uyğun qərarları qəbul edirlər.
Digər çıxışlar isə, cənab Sədr, daha çox siyasi, populist, emosional çıxışlar idi və bizim qanun layihəsi ilə əlaqəsi yox idi. Məlumdur ki, bu sahəni tənzimləməkdən ötrü qanunvericilik bazası var və mən qeyd etdim, 2002-2004-cü illərdə əlavələr və dəyişikliklər etmişdik. Cəmiyyətimiz sürətlə inkişaf edir, amma bu sürətli inkişaf bəzən problemlər də yaradır. Bəzən görmədiyimiz məsələlər də araşdırmalar zamanı meydana çıxır və bu, qanun layihəsində öz əksini tapıb. İndi araşdırmalar zamanı meydana çıxan məsələlər bu qanun layihəsində öz əksini tapıb. Mən heç də onu demək istəmirəm ki, qanunvericilik sanksiyasının artması hər hansı bir əməlin avtomatik qarşısını alır. Amma ən azından bu xəbərdaredici bir funksiya olur. Bu sahədə məşhur olan hüquqi və fiziki şəxslər, eyni zamanda Bahar xanım, Sizin toxundunuz məsələdə vəzifəli şəxslərin də sanksiyası artıb. Anlamalıdırlar ki, bu sahədə dövlət öz iradəsini nümayiş etdirəcək. Bu baxımdan hesab edirəm ki, qanun layihəsi qəbul olunmalıdır və millət vəkillərini də buna səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0  
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul dildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşin. Gündəliyi davam etdiririk. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında məsələyə 8 komissiyanın iclasında baxılıb. Birinci İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, Buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinə İqtisadi siyasət daimi komissiyasında baxılmışdır. Qanun layihəsində 37 qanun üzrə dəyişikliklər və əlavələr nəzərdə tutulub. Bunlardan 18-i iqtisadi siyasətlə bilavasitə bağlı qanunlardır. “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Əmtəə birjası haqqında” və “İnvestisiya fəaliyyəti haqqında”, “Standartlaşma haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, Gömrük Məcəlləsinə, “Memarlıq fəaliyyəti haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Şəhərsalmanın əsasları haqqında”, “Əmək miqrasiyası haqqında”, “Avtomobil yolları haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə düzəlişlər edilir.
Qanunvericilik aktlarında nəzərdə tutulmuş dəyişikliklər və əlavələrin əksəriyyəti texniki xarakter daşıyır. Həmin dəyişikliklərə görə qanunvericilikdə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözlərinin “müvafiq icra hakimiyyəti” sözləri ilə, “xüsusi icazə” sözlərinin “xüsusi razılıq” sözləri ilə, “lisenziya” sözünün “icazə” sözü ilə əvəz edilməsi nəzərdə tutulub. Eyni xarakterli dəyişikliklər, eyni zamanda, “Əmtəə birjası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. İqtisadi siyasət daimi komissiyası belə hesab edir ki, qanun layihəsini dəstəkləməyə ehtiyac vardır.
Sədrlik edən. Çox sağ olun. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
 E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim edilən qanun layihəsində digər qanunlarla bərabər Aqrar siyasət daimi komissiyası tərəfindən hazırlanmış və Milli Məclis tərəfindən qəbul olunmuş 10 qanuna dəyişikliklər və əlavələr edilməsi nəzərdə tutulmuşdur. Bu qanun layihəsində “Damazlıq işi haqqında”, Azərbaycan Respublikasının Su Məcəlləsinə, “Balıqçılıq haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında”, “Heyvanlar aləmi haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” qanunlara dəyişikliklər və əlavələr nəzərdə tutulmuşdur. Burada göstərildiyi kimi, “xüsusi icazə” sözləri “xüsusi razılıq” sözləri ilə əvəz edilir.
Bizim komissiya sentyabr ayının 18-də bu qanun layihəsindəki dəyişiklikləri və əlavələri müzakirə etmiş və Milli Məclisə göndərilməsini məqsədəuyğun hesab etmişdir. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələyə öz müsbət rəylərini bildirsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası. Elton Məmmədov.
E. Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü ilə Milli Məclisin müzakirəsinə qanun layihəsi təqdim edilmişdir. Bu sənəddə bizim daimi komissiya səlahiyyətlərinə aid bir neçə qanuna dəyişikliklər və əlavələr təklif olunur. Bu ilk növbədə 1998-ci ildə qəbul edilmiş “Yerin təki haqqında” Qanuna təklif edilən dəyişikliklərdir. Sənədin mətnindən göründüyü kimi qüvvədə olan qanunun 15 maddəsində “xüsusi razılıq” sözlərindən sonra “və ya icazə” sözləri əlavə olunub.
Qanunun 10-cu maddəsinin 4-cü hissəsindəki “xüsusi razılığa uyğun olaraq” sözləri maddənin məzmunu ilə uyğunsuzluq təşkil etdiyindən və 13-cü maddənin 5-ci hissəsi bu qanunun predmeti olmadığından qanunun mətnindən çıxarılır. Əslində, sonuncu müddəa dövlət rüsumu haqqında qanunvericiliyin predmetidir və həmin qanunvericilikdə öz əksini tapıb. Qanunvericilik aktının “Yerin təkindən istifadə hüququnun xitamının və məhdudlaşdırmasının əsasları” adlanan 18-ci maddəsinin 5-ci bəndini aşağıdakı redaksiyada vermək təklif olunur: “yer təkinin istifadəçisi xüsusi razılıqda, icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa”.
Qeyd etdiyim kimi, təklif olunan dəyişikliklər və əlavələrin əsas məqsədi qüvvədə olan bu qanunu xüsusi razılıq, yəni lisenziya haqqında qanunvericilik ilə uyğunlaşdırmaqdır. Hörmətli həmkarlar, belə bir uyğunlaşdırma “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 8-ci maddəsinə də tətbiq edilir. Bu düzəliş müzakirə olunan qanun layihəsinin XVIII maddəsində verilib. Burada təklif olunur ki, 8-ci maddənin 1-ci hissəsinin üçüncü abzası aşağıdakı kimi verilsin: “qanunvericilikdə nəzərdə tutulmuş hallarda tullantılarla bağlı fəaliyyəti xüsusi razılıq əsasında həyata keçirməli”. Burada xüsusi razılıq, yəni lisenziya qanunvericiliyi nəzərdə tutulur. Bu isə Prezidentin fərmanı ilə məhdudlaşdırılan fəaliyyət növüdür.
Bu qanun layihəsində eləcə də Su Məcəlləsinə, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Texniki təhlükəsizlik haqqında” qanunlara dəyişikliklər edilməsi təklif olunur. Məndən öncə Aqrar siyasət daimi komissiyasının sədri Eldar müəllim də bu barədə öz komissiyasının müsbət rəyini bildirib. Beləliklə, cənab Sədr, hesab edirəm ki, qüvvədə olan qanunlara Prezident tərəfindən təklif olunan dəyişikliklər və əlavələr qanunvericilik bazasının təkmilləşməsinə və qüvvədə olan qanunlarla uyğunsuzluğu aradan qaldırmağa xidmət edir. Bu baxımdan hörmətli həmkarlarımı müzakirəsi gedən qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bizim komissiya dörd qanuna dəyişikliklər və əlavələr edilməsi ilə bağlı təklifə baxıb. Bunların dördü də “xüsusi icazə və ya xüsusi razılıq” sözlərinin götürülməsi ilə bağlıdır. Yəni “Memarlıq fəaliyyəti haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda müvafiq sahələrdə fəaliyyət üçün xüsusi icazə və xüsusi razılığa ehtiyac görülmür. Beləliklə, “Memarlıq fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsində, “Nəşriyyat işi haqqında” Qanunun 8-ci maddəsində “Kinematoqrafiya haqqında” Qanunun 6-cı maddəsində, “xüsusi icazə və xüsusi razılıq” sözləri götürülüb. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 7-ci maddəsinin 4-cü hissəsi birbaşa buna həsr olunduğuna görə həmin hissə götürülüb.
Sədrlik edən. Çox sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası. Əli Hüseynov.
Ə. Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsinin II, XXXII və XXXV hissələri bizim komissiyada müzakirə edilib. “Narkoloji xidmət və nəzarət haqqında” və “Narkotik vasitələrin: psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlarda artıq Ziyad müəllimin izah etdiyi kimi, “razılığın” sözündən əvvəl “xüsusi” sözünün yazılması və “lisenziya” sözünün “icazə” sözü ilə əvəz olunması təklif edilir ki, bu da texniki düzəlişdir. Hesab edirəm ki, bunu qəbul etmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Regional məsələlər daimi komissiyası. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsinin XXIX maddəsində “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa düzəlişlər nəzərdə tutulur. Düzəlişin mahiyyəti, məndən qabaq deyildiyi kimi, xüsusi razılığın aradan götürülməsi ilə əlaqədardır. 11.1-ci maddədə nəzərdə tutulmuşdur ki, bələdiyyələrin su təsərrüfatı obyektlərindən ümumi istifadə, qurğular və texniki avadanlıq tətbiq etmədən hüquqi və fiziki şəxslər tərəfindən icazə alınmada həyata keçirilə bilər. Buradan “icazə” sözü çıxarılandan sonra qeyri-müəyyən vəziyyət yaranır.
Belə çıxır ki, bu fəaliyyətlə heç kəsə xəbər vermədən məşğul olmaq mümkündür. Odur ki, razılıq əsasında işi qaydasında. Biz danışdıq ki, “icazə” sözü çıxarılır, ancaq bunun əvəzinə yazılır: hüquqi və fiziki şəxslər bələdiyyələrə məlumat verməklə həyata keçirə bilərlər. 14-cü maddənin adında da düzəliş olmalıdır. “Bələdiyyə su təsərrüfatı obyektlərindən istifadəyə icazənin verilməsi” adlanmalıdır. 14-cü maddənin 14.1-ci və 14.2-ci hissələrində “xüsusi razılıq” sözləri “icazə” sözü ilə əvəz olunur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.13 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Növbəti məsələ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. İqtisadi siyasət daimi komissiyası. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr Gömrük Məcəlləsini, Vergi Məcəlləsini, “Xarici investisiyanın qorunması haqqında”, “Əmtəə birjası haqqında”, “Auditor xidməti haqqında”, “İnvestisiya fondları haqqında”, “Təbii inhisarlar haqqında”, “Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında”, “İpoteka haqqında” qanunlarını əhatə edir. Dəyişikliklər texniki xarakter daşıyır. Gömrük Məcəlləsində “ilkin şikayət” sözü “şikayət” sözü ilə əvəz edilir, bu şikayətin verilmə müddəti 3 aydan 30 günədək, qəbul edilmiş qərardan şikayətin verilməsi onun qüvvəyə mindiyi gündən 3 ay müddəti 6 ayadək müddətlə əvəz edilmişdir. Deputat həmkarlarımdan xahiş edirəm ki, bu məsələyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Qanun layihəsinin X bəndi “Xidməti və mülki islah haqqında”, XVIII bəndi “Notariat haqqında” və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar XXIII bəndi tərəfimizdən müzakirə olunmuşdur. Ziyad müəllim qeyd etdi. Bu dəyişikliklər və əlavələr “İnzibati icraat haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədardır. Vətəndaş-məmur münasibətləri, o cümlədən şikayətlərin verilməsi qaydası, məsələlərə inzibati qaydada baxılmasının şərtləri müəyyənləşdirilir. Təbii ki, bu baxımdan “İnzibati icraat haqqında” Qanunun müddəalarının bu qanunlara köçürülməsi ilə bağlıdır.
Bizim komissiyada iclas zamanı Fazil Qəzənfəroğlu şikayətlə bağlı bir məsələ qaldırmışdı. Biz onu araşdırdıq və məsələ öz həllini tapacaq. Amma bir məsələni də qeyd etmək istəyirəm. Aydındır, “İnzibati icraat haqqında” Qanunun müddəaları digər qanunlara köçürülür, amma bir əsas yenilik ondan ibarətdir ki, inzibati icraat haqqında qanunvericiliyin pozulmasına görə xüsusi bir məsuliyyət müəyyənləşdirilir. İnzibati İcraat Məcəlləsinə əlavə olunur. Bu artıq texniki düzəliş deyil, mahiyyət baxımdandır. İnzibatı icraat haqqında qanunvericiliyin pozulmasına görə konkret olaraq hər bir hala görə məsuliyyət nəzərdə tutulur.
Çox vacib haldır ki, bizim “İnzibati icraat haqqında” Qanunun da mahiyyətinə və mənasına görə inzibati şikayətin və icraatla bağlı materialların qanunvericilikdə nəzərdə tutulmuş hallarda və müddətdə şikayət instansiyasına göndərilməməsinə görə də inzibati məsuliyyət nəzərdə tutulur. Yəni hər bir kəs bu qanunun müddəalarını bilməlidir, xüsusən də inzibati orqanlar. Geniş mənada demək istəyirəm, dövlət orqanlarının şikayəti müəyyən olunmuş müddətdə instansiyaya göndərməməsi belə məsuliyyət yaradacaqdır.
Digər bir düzəliş də nəzərdə tutulur. “İnzibati” sözünün əlavə olunması belə təəssürat yaratmasın ki, şikayətlərə baxılmasının məhkəmə qaydasını istisna edirik. Ona görə də düzəliş belədir: “inzibati və ya məhkəmə”, yəni bizim qanunvericilikdə məhkəmə şikayəti vermək hüququ qalır. Sadəcə, “inzibati” sözünü də əlavə edirik, yəni “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan hallarda inzibati qaydada da şikayət etmək mümkündür. Vətəndaşın isə seçimi var. Yəni məhkəməyə müraciət etmək hər zaman mümkündür. Ona görə hesab edirəm ki, bu düzəliş çox vacibdir. Xüsusən də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik “İnzibati icraat haqqında” Qanunun tətbiqi baxımından vacibdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə olunan layihə ilə əlaqədar İnsan hüquqları daimi komissiyası bir neçə sənədə edilən dəyişikliklər və əlavələrə baxmışdır. Bunlardan biri “Siyasi partiyalar haqqında” Qanundur. “Siyasi partiyalar haqqında” Qanunun 14-cü maddəsinə yeni bir bənd əlavə edilmişdir. Həmin bəndə görə dövlət qeydiyyatına alınmaqdan imtina edilməsi barədə inzibati qaydada və on gün müddətində Azərbaycan Respublikası məhkəməsinə şikayət verilə bilər.
Növbəti bir sənəd “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna edilən dəyişiklikdir. Məsələ burasındadır ki, burada bir məqam var. Mən bununla özüm razı deyiləm və bunu diqqətinizə çatdırmaq istərdim. Söhbət pasport verilməsi haqqında ərizəyə baxılması haqqındadır. 9-cu maddədə yazılır: “Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər”. Söhbət xarici pasportdan gedir. Ancaq biz bu yaxınlarda qayıdış şəhadətnaməsi haqqında sənəd qəbul etdik. Bir gün bundan öncə ötən iclasda bir sıra qanunlara dəyişikliklər və əlavələr edərkən onu qeyd etmişdik. Ancaq burada nədənsə yoxdur. Belə çıxır ki, növbəti dəfə yenə dəyişikliklər ediləcək. Və o vaxt yazılacaq ki, qayıdış şəhadətnaməsi. Hesab edirəm ki, əgər hörmətli millət vəkilləri etiraz etmirsə, həmin müddəanı yenə də bura salaq və təkcə pasport olmasın və həm də pasportun verilməsi haqqında ərizəyə baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən sonra elə yazaq. Elə qayıdış şəhadətnaməsinin verilməməsindən və ya imtinadan vətəndaş məhkəməyə şikayət edə bilər. Bu kifayət qədər vacib məqamdır. Digər qeyri-hökumət təşkilatları haqqında qanunda da söhbət dövlət qeydiyyatına alınmaqdan imtinadan gedir və əgər qeyri-hökumət təşkilatının qeydiyyata alınmasında imtina varsa, yenə inzibati qaydada məhkəməyə şikayət verilə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə.
A. Rəhimzadə. Sağ olun. Layihənin XVII maddəsində “Bələdiyyələrin statusu haqqında” Qanunun 8-ci maddəsinin 4-cü bəndinə əlavə edilməsi nəzərdə tutulur. Süründürməçilik olduğu halda bələdiyyələr və ayrı-ayrı şəxslər yalnız məhkəmə qaydasında yox, eyni zamanda inzibati qaydada da müraciət edə bilərlər. Vəzifəli şəxslərin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə bilər.
Lakin 53-cü maddəyə düzəliş edilməyibdir və mən belə başa düşürəm ki, mətnində var, ancaq başlığında düzəliş edilməli və belə yazılmalıdır: “Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən şikayət verilməsi”. Burada, ümumiyyətlə, şikayət verilməsi göstərilir, çünki dediyimiz kimi, şikayət həm inzibati qaydada, həm də məhkəmə qaydasında ola bilər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1  
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Növbəti məsələ Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası qanunu layihəsinin birinci oxunuşudur. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Yeni iqtisadi münasibətlərin inkişafı ilə əlaqədar iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, ölkədə sığorta bazarının da təməli qoyulmuşdur. İqtisadiyyatın davamlı inkişafı, o cümlədən sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sığortaya da özəl sektorun nüfuz etməsi respublikamızda bu sektorun bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişafına şərait yaratmışdır. Ölkədə sığorta xidmətləri bazarının formalaşması, sığorta işi ilə bağlı geniş perspektivlərin mövcudluğu xarici investorların bu sahəyə marağını cəlb etmiş, bir sıra xarici hüquqi şəxslərə məxsus sərmayələrin iştirakı ilə birgə sığorta şirkətləri təsis edilmişdir.
Son beş ildə respublikada fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi nizamnamə kapitalı artmış, habelə yığılan sığorta haqları hal-hazırda beş dəfədən çox artmaqla müvafiq olaraq 53 milyon manat olmuşdur. Azərbaycan Respublikasının sığortaçıları az da olsa xaricdən təkrar sığorta riskləri qəbul etməyə başlamışlar ki, bu da ölkənin sığorta bazarının beynəlxalq sığorta sistemində artıq tanınmağa başlaması kimi qiymətləndirilə bilər. Sığorta bazarının müsbət inkişaf göstəricilərinə baxmayaraq, sığorta sektorunun ümumi vəziyyəti ölkənin inkişaf dinamikliyi fonunda, həmçinin ən yaxşı beynəlxalq təcrübə ilə müqayisədə xeyli geri qalır.
2006-cı il üzrə sığorta haqlarının ölkənin ümumi daxili məhsulundakı payı cəmi 0,51 faiz, əhalinin hər nəfərinə düşən sığorta haqqı məbləği isə təxminən 11 manat təşkil edir ki, bu da dünya üzrə orta ümumi göstəricilərdən dəfələrlə azdır. Belə ki, sığorta haqlarının hal-hazırda orta məbləği adambaşına dünyada 500 dollar təşkil edir və bu, ümumi daxili məhsulun 8 faizinə bərabərdir. Bir sıra ölkələrdə isə sığorta haqları adambaşına 3000-3500, 5000 dollar arasında tərəddüd edir. Ölkənin sığorta bazarının qeyd olunan geriliyinin əsas səbəblərindən biri qüvvədə olan sığorta qanunvericiliyinin respublikanın surətli inkişaf imkanları ilə, həmçinin son illərin ən yaxşı beynəlxalq təcrübəsi ilə tam ayaqlaşmamasıdır. İqtisadi inkişafın yeni keyfiyyət mərhələsində sığorta bazarının tənzimlənməsi və sığorta nəzarətinin həyata keçirilməsi üzrə beynəlxalq prinsip və standartların lazımi səviyyədə tətbiqinə imkan verən yeni qanunvericilik bazasının hazırlanması zərurəti yaranmışdır.
1999-cu ildə qəbul edilmiş, 6 fəsildə 56 maddəni əhatə edən “Sığorta haqqında” Azərbaycan Respublikasının qüvvədə olan Qanunu qəbul edildiyi dövr üçün mütərəqqi və sığorta fəaliyyətinin tənzimlənməsi baxımından dövrünün tələblərinə cavab verən normativ akt idi. Bu qanun respublikada sığorta işinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi, sığorta sektorunun inkişafı üçün şərait yaratdı. Lakin 2001-2004-cü illlərdə bu qanunun bəzi maddələrinə dəyişikliklər edilsə də, sözügedən qanun respublikanın sürətli inkişaf səviyyəsi, eyni zamanda sığorta ilə bağlı yeni qəbul edilmiş beynəlxalq prinsip və standartların tələbləri ilə ayaqlaşmır. Qüvvədə olan qanunun bugünkü tələblərə cavab verməyən bir sıra tərəflərini müxtəsər olaraq aşağıdakı kimi qiymətləndirmək olar.
1999-cu il qanunu sığortaçıların təsis edilməsi qaydaları ilə, demək olar ki, heç bir norma müəyyənləşdirmir. Bu hal sığorta bazarına qeyri-peşəkar, təsadüfi subyektlərin daxil olmasına şərait yaradır, bu da sığorta xidmətlərindən istifadə edən vətəndaşların və korporatıv müştərilərin mənafeyinə uyğun gəlmir. Sığortaçılara və sığorta brokerlərinə lisenziya verilməsi qaydası lisenziyalaşdırmaya aid ümumi normalarla tənzimləndiyi üçün sığorta fəaliyyətinin spesifik xüsusiyyətlərini tam nəzərə almır. Sığortaçıların təşkilati strukturu və idarə edilməsi ilə bağlı cəmi iki maddədə əhatə olunan və bugünkü reallıqlara uyğun gəlməyən bəsit maddələr onların fəaliyyətinin şəffaflığını tam təmin etmir, həmçinin idarə olunmada boşluqlara səbəb olur.
“Sığorta haqqında” Qanunda sığortaçıların maliyyə sabitliyinin əsasları olan prinsiplərə əməl edilməsi qaydası tam əhatə olunmadığı, həmçinin ödəmə qabiliyyətinin təminat göstəriciləri dəqiq müəyyən edilmədiyi üçün nəinki təcrübədə bir çox problemlər yaradır, hətta tətbiq edilməsi belə mümkün olmur. Sığorta münasibətlərinin bir sıra mühüm məsələləri, o cümlədən sığorta müqaviləsinin bağlanmasının konkret qaydaları, məzmunu, sığorta qaydalarının qəbul edilməsi, sığorta ödənişinin verilməsinin qaydaları mövcud qanunda tam əhatə olunmamışdır.
Mövcud qanunun sığorta fəaliyyətinə dövlət nəzarəti haqqında müddəaları da bu günün reallıqları və beynəlxalq təcrübə nöqteyi-nəzərindən səmərəli təsir imkanlarına malik deyildir. Göstərmək lazımdır ki, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının artıq 100-dən çox ölkədə tətbiq olunan sığorta prinsiplərinin çoxu Azərbaycanda tətbiq olunmur, bu da qanunvericilikdə sığortanın inkişafına bilavasitə mane olur. Mövcud qanun ayrı-ayrı sığorta növlərinin spesifik xüsusiyyətlərinə uyğun gəlməyən bir sıra müddəaları əks etdirir. Eyni zamanda, bir çox belə xüsusiyyətlərin normativ tənzimlənməsinə ehtiyac olduğu halda bununla bağlı heç bir normanı ehtiva etmir. Eyni zamanda aşağıdakıları da qeyd etmək istərdik.
Müstəqil auditorların sığortaçılara münasibətdə fəaliyyətinin tənzimlənməsi, sığorta vasitəçilərinin fəaliyyətinə nəzarət, sığortaçılarla əlaqəli şəxslərin münasibətləri, sığortaçıların nizamnamə kapitalında mühüm iştirak payına malik olan iştirakçıların sığortaçı ilə bağlı əməliyyatlarına xüsusi nəzarət, çirkli pulların yuyulmasına qarşı tədbirlər də mövcud qanunda öz əksini tapmamışdır. Qeyd olunan bütün normativ boşluqların və ziddiyyətlərin aradan qaldırılması üçün qüvvədə olan qanuna əlavə və dəyişikliklərin edilməsi onun strukturu və məzmununu əhəmiyyətli dərəcədə dəyişə bilər. Lakin bu cür dəyişiklik qanunvericilik texnikası cəhətdən səmərəsiz olduğu üçün sığorta haqqında qüvvədə olan qanunu əvəz edən yeni qanunun qəbul edilməsi zəruridir.
Cənab Prezident İlham Əliyevin tapşırığı ilə 2005-ci il 16 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Hökuməti, Maliyyə Nazirliyi Dünya Bankının tövsiyələrini nəzərə alaraq qanun layihəsi hazırlamışdır. Əminliklə demək olar ki, cənab Prezident tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuş Sığorta fəaliyyəti haqqında qanun layihəsi Azərbaycanın sığorta sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına, sığorta bazarının daha sürətli inkişafına və sığorta xidmətlərinin istehlakçılarının maraqlarına tam cavab verən və qabaqcıl dünya təcrübəsinə daha uyğun şəkildə həyata keçirilməsinə təkan verəcəkdir.
15 fəsildə 144 maddəni əhatə edən Sığorta haqqında Azərbaycan Respublikasının qanun layihəsinə qüvvədə olan 1999-cu ildə qəbul edilmiş “Sığorta haqqında” Qanunda nəzərdə tutulmayan 120-yə yaxın maddə daxil edilmiş, qüvvədə olan qanunun digər müddəaları isə daha dəqiq və geniş redaksiyada verilmişdir.
I fəsildə qüvvədə olan qanunda nəzərdə tutulan anlayışlara bir az da dəqiqlik gətirilmişdir. II fəsildə sığortaçıların təşkilati, hüquqi statusunun açıq səhmdar cəmiyyəti formasında olması tələbi müəyyən edilmişdir. Bu fəsildə sığorta və təkrar sığorta fəaliyyətinin mahiyyəti və istiqamətləri geniş əks etdirilmişdir. Sığorta bazarında inhisarın qadağan olunması, çirkli pulların yuyulmasının qarşısının alınması kimi yeni müddəalar əks olunmuşdur. III fəsildə sığortaçının təsisçilərinə və səhmdarlarına fiziki və ya hüquqi şəxslər olmalarından asılı olaraq konkret tələblər qoyulmuşdur. Xarici hüquqi şəxslərin təsisçi olmaları üçün onların yalnız müvafiq reytinqə, bir daha təkrar edirəm, yalnız müvafiq reytinqə malik olmaları tələb edilir.
IV fəsildə hər bir sığortaçının eyni təşkilati, hüquqi formaya malik olması ilə əlaqədar, həmçinin korporativ idarəetmə standartlarının tələblərinə riayət edilməsinin daha səmərəli təmin edilməsi üçün eyni idarəetmə orqanlarının, səhmdarların ümumi yığıncağı, müşahidə şurası, təftiş komissiyası və idarə heyətinin mövcudluğu tələb olunur. IV,  V, VI fəsillərdə bütün sığortaçıların sığorta və təkrar sığorta fəaliyyətinə lisenziyanın verilməsi qaydası, lisenziya verməkdən imtinanın əsasları müəyyən olunmuşdur ki, bu da lisenziyalaşdırma sahəsində mövcud olan bir çox problemlərin aradan qaldırılmasını təmin edir.
VII fəsil sığortanın qanunvericiliklə tənzimlənməsinin əsas prinsiplərinin tələbi olan əlaqəli şəxslərlə münasibətlərə aiddir. Sığortaçının əlaqəli şəxslər ilə bağlamasına icazə verilən əqdlərin kateqoriyası konkret olaraq müəyyən edilmişdir. Layihədə müəyyənləşdirilirdi ki, əlaqəli şəxslərlə bağlanan əqdlərin məcmu dəyəri sığortaçının öz vəsaitinin 10 faizindən çox olmamalıdır ki, bu da, şübhəsiz, maliyyə sabitliyinə mənfi təsir göstərən sığorta şirkəti üçün əlverişsiz müqavilələrin bağlanması hallarının qarşısının alınmasına xidmət edəcəkdir.
VIII və IX fəsillərdə sığorta və ya təkrar sığorta müqavilələrinin digər sığortaçılara ötürülməsi qaydalarının əsas prinsipləri, sığortaçının müstəqil auditorunun təyin edilməsi və əvəz edilməsi əsasları müəyyən olunur. X fəsildə sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin əsaslarına mövcud qanunvericilikdən tamamilə fərqli olan yanaşma mövcuddur. Layihədə sığortaçının nizamnamə kapitalının onun yalnız təsis məqsədləri üçün əhəmiyyətli olmasına şərait yaradılır. Bir şərtlə ki, təsis olunarkən sığortaçının nizamnamə kapitalı tələb olunan kapitalın sığorta nəzarəti orqanının müəyyən etdiyi məbləğdə pul ilə ödənilsin.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün sığorta şirkətlərinin 83 təsisçisi və 53 milyon manat nizamnamə kapitalı vardır. Təsisçilərin 45 faizi fiziki, 38 faizi isə hüquqi şəxslərdir ki, bunların da 10-u banklardır. 8 sığorta şirkətində banklar təsisçilik payına malikdirlər, 8 sığorta şirkətinin nizamnamə kapitalının 49 faizi xarici kapital vasitəsi ilə formalaşdırılmışdır. Onların sığorta bazarında iştirak edən xarici kapitalının ümumi məbləği 4,5 milyon manatdır, yəni bazar payında 8,6 faiz təşkil edir. Yeni qanun layihəsində xaricilərin Azərbaycan Respublikasının sığorta şirkətlərinin nizamnamə kapitalındakı payına qoyulan məhdudiyyət aradan götürülmüşdür.
XI fəsil sığorta bazarı üçün yeni tənzimlənmə elementini ehtiva etməklə agent fəaliyyətinin peşəkar fəaliyyətin növü kimi lisenziyalaşdırılmasını tələb edir. Bu çox vacib məsələdir. Bilirsiniz ki, bu qanuna qədər əvvəllər də kim istəyirdi sığorta agentliyi rolunda çıxış edirdi. Ümumiyyətlə, bütünlükdə bu, peşəkar olmadığına görə bütövlükdə sığorta mədəniyyətinə, sığorta bazarının inkişafına, sığortaçılarla əhali arasında münasibətlərin aşağı səviyyədə qalmasına yol verirdi. Dünya təcrübəsində isə artıq qəbul edilmişdir ki, sığorta sistemi də iqtisadi sistemin, iqtisadi fəaliyyətin çox peşəkarlıq, professionallıq tələb edən bir sahəsidir. Burada da, heç şübhəsiz ki, məsələlər digər sahələrdə olduğu kimi, diqqət mərkəzində olmalıdır.
XII fəsildə dövlət sığorta nəzarəti orqanının hüquq və vəzifələri qüvvədə olan qanunla müqayisədə daha geniş, layihədəki tələblərə uyğun verilmişdir. XII fəslə daxil edilmiş əhəmiyyətli və yeni məqamlardan biri də sığorta nəzarəti orqanının ən yaxşı beynəlxalq təcrübəyə uyğun şəkildə maliyyələşdirilməsidir. Sığorta fəaliyyəti üzrə beynəlxalq prinsip və standartları müəyyən edən əsas beynəlxalq təşkilat olan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyası 2003-cü ildə əsas prinsipləri qəbul edib. Bu əsas prinsiplər artıq dünyanın əksər inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrində tətbiq olunur və həmin prinsipləri tətbiq edən ölkələrin sayı ildən-ilə artır. Burada da açıq-aşkar hiss olunur ki, sığorta şirkətlərinə dövlət nəzarətini həyata keçirmək üçün dövlət sığorta nəzarəti orqanının, eyni zamanda müəyyən mənada müstəqilliyi artmalıdır. Burada söhbət, müəyyən mənada, müstəqil büdcənin formalaşmasından gedir.
Beynəlxalq praktikada qəbul edilmişdir ki, uğurlu maliyyə nəzarəti, o cümlədən sığorta nəzarəti bu nəzarətə aid olduğu üçün sahənin iştirakçıları arasında nüfuza və hörmətə, yüksək mənəvi keyfiyyətlərə, həmçinin bilik və təcrübəyə malik peşəkarlardan asılıdır. Lakin aparıcı sığorta şirkətləri ilə müqayisədə əmək haqları aşağı olduğu təqdirdə sığorta nəzarətini həyata keçirən dövlət orqanı sığorta bazarında mütəxəssislərin cəlb edilməsi və hətta öz mütəxəssislərinin saxlanması ilə bağlı rəqabətdə çox zəif olur.
Bu kimi uyğunsuzluqları aradan qaldırmaq üçün dünyanın bir çox ölkələrində yığılan sığorta haqlarının 2,3 faizi dövlət sığorta nəzarəti orqanının sərəncamında olur ki, bu da həmin vəsaitin təkcə əmək haqqının yox, bütövlükdə dövlət sığorta nəzarəti orqanının müasir tələblər, standartlaşdırma, texnologiya baxımından yüksək səviyyəyə qaldırılmasına imkan verir. Məsələn, ABŞ-da təsəvvür edin, bu pay 2 faizdir. Bu 2 faizin arxasında isə 100 milyard dollar vəsait durur. Bu vəsait ancaq dövlət sığorta nəzarəti orqanı tərəfindən xərclənir. Cənab Prezidentin təqdim etdiyi Dünya Bankı ekspertlərinin tövsiyələrini, beynəlxalq təcrübəni nəzərə alan yeni qanun layihəsində də sığorta nəzarəti orqanının daha səmərəli fəaliyyəti üçün dövlət büdcəsindən ayrılan vəsaitdən əlavə maliyyə imkanları formalaşdırmaq məqsədi ilə sığorta haqlarının 0,5 faizi miqdarında ayrılmalar nəzərdə tutulmuşdur.
XIII fəsil mövcud qanunvericilikdə olmayan daha bir ciddi boşluğu aradan qaldırır. Hazırda sığortaçılar ləğv edilərkən sığortalıların hüquqlarının qorunması mexanizmi yoxdur. Bayaq tikinti ilə əlaqədar məsələ müzakirə olunarkən bu məsələ ortaya çıxdı. Yeni layihədə sığorta təşkilatının hüquqi şəxs kimi ləğv edilməsi əsasları müəyyən olunmaqla yanaşı, ləğv edilən sığortaçının öhdəliklərinin icrası üçün sığorta nəzarəti orqanının nəzarəti altında funksiyalarını icra edən və ya ona hesabat verən müvəqqəti inzibatçının xüsusi idarəçiliyinin ləğvetmə komissiyasının yaradılması və fəaliyyətlərinin əsasları müəyyən edilmişdir. Eyni zamanda, kreditorlar komitəsinin formalaşdırılması nəzərdə tutulmuş, kreditorlar qarşısında öhdəliklərin icrasının növbəliliyi, sığortaçının müflis edilməsi qaydası konkret maddələrlə ətraflı əks etdirilmişdir.
XIV fəsil yekun maddələr kimi, vətəndaş qüsursuzluğunun bəzi elementlərinin müvafiq hüquq mühafizə orqanlarının təqdim etdiyi arayış əsasında müəyyən edilməsi, əsas məlumat və göstəricilərinin yayılması, sənədlərin saxlanma qaydası və müddəti ilə bağlı müddəaları əhatə edir. XV, sonuncu fəsil “Keçid müddəalar” adlanır. Qanun layihəsinin sığorta bazarı və sığorta sistemi üçün əhəmiyyətli dərəcədə yeni olduğunu və sığorta sahəsində ciddi dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, bəzi müddəaların tətbiqi üçün qanunun qüvvəyə mindiyi vaxtdan etibarən müddətlər müəyyən edilmişdir ki, bu da sizə paylanan qanun layihəsində əks etdirilmişdir.
Ümumiyyətlə, hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Azərbaycanda iqtisadi islahatlar aparılır. Azərbaycanda iqtisadi islahatların qanunvericilik bazası ildən-ilə yaxşılaşır və yeni mərhələdə, Azərbaycanın dinamik inkişafı mərhələsində, heç şübhəsiz, sığorta bazarının da digər istiqamətlər kimi uğurlu inkişafı üçün belə bir qanunun qəbul edilməsi çox vacibdir.
Cənab Prezident tərəfindən təqdim olunan qanun layihəsi, bir daha təkrar edirəm, özündə dünya təcrübəsini, Azərbaycanda son illərdə əldə olunan təcrübəni nəzərə alaraq hazırlanmışdır. Mən millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə birinci oxunuşda öz müsbət münasibətlərini bildirsinlər. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlumat üçün demək istərdim ki, İqtisadi siyasət daimi komissiyasında bu məsələ müzakirə olunarkən çox dəyərli təkliflər irəli sürüldü, biz iclasın stenoqramını almışıq. İndi Maliyyə Nazirliyi və digər strukturlar bu təkliflərin üzərində işləyirlər. Yəqin ki, deputat həmkarlarım da öz təklifləri ilə bu qanun layihəsinin daha da zənginləşməsinə kömək edəcəklər. Çox sağ olun.
Sədrlik edən. Ətraflı təqdimata görə çox sağ olun. Layihə ilə bağlı çox müzakirələr olub, yenə əlavələr edilib. Nəzə-rinizə çatdırım ki, bu qanun layihəsinin müzakirəsi ilə bağlı dəvət olunmuş qonaqlarımız var. Maliyyə nazirinin müavini Azər Bayramov, Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov, Dövlət Sığorta Şirkətinin sədri Məmməd Məmmədov, – ən köhnə sığortaçılardan biridir, – Sığorta Assosiasiyaları Birliyinin icraçı direktoru Hidayət Abdullayev. Suallarınız olsa, onlar suallara cavab verə bilərlər. İndi müzakirələrə keçək. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Ziyad Səmədzadə Sığorta fəaliyyəti haqqında qanun layihəsi ilə bağlı geniş məlumat verdi. Mən qeyd eləmək istərdim ki, Azərbaycan iqtisadiyyatının inkişafı ilə əlaqədar Azərbaycan bazarında sığortanın vəziyyəti bizi çox narahat edir, çünki ümumi göstəricilərə baxanda hiss edirik ki, Azərbaycan bazarında faktik olaraq keçən müddət ərzində sığorta o qədər də inkişaf etməyib. Bu bazarda hələlik boşluqlar həddən artıq çoxdur. Dünyada ümumi daxili məhsulun təxminən 4-8 faizə qədərini sığorta təşkil edirsə, Azərbaycanda bu cəmi 10,5 faiz təşkil edir. O cümlədən dollarla da təxminən bunun arasında 500-ə qədər fərq var. Bu çox böyük fərqdir.
Nəyə görə 1999-cu ildə qanun qəbul edilib? 2003-cü ildə həmin qanuna əlavə və dəyişikliklər edilib, amma biz sığorta bazarını daha ciddi inkişaf etdirə bilməmişik. Bunun səbəbi nədir? Komissiyada da bu geniş müzakirə olunub və bir sıra təkliflər irəli sürülüb. Mən bir neçəsinin üzərində dayanmaq istəyirəm.
Qanun layihəsi var və o qədər də pis qanun layihəsi deyil. Sığorta bazarını inkişaf etdirmək üçün bütün imkanlar olub. Düzdür, müəyyən səviyyədə inkişaf olub, amma bu rəqəmlər həddən artıq aşağıdır. Görünür ki, sığortaçılar sığortaolunanlara, faktik olaraq, Azərbaycan əhalisinə sığortanın mahiyyətini düzgün çatdıra bilməmişlər. Sığorta bazarında inamı yarada bilməmişik. Sığorta ilə əlaqədar sığorta olunmuş insanlarla sığortaçılar arasında inamın olmaması sığorta bazarının inkişafının ləngiməsinə səbəb olur və bu bazarlarda fəaliyyət olmur. Ona görə də sığorta bazarı Azərbaycanda zəif inkişaf edib. Dünya təcrübəsi göstərir ki, sığortanın normal inkişaf etməsi üçün reklamlardan geniş istifadə edilir, əhali arasında, ictimaiyyət arasında geniş təbliğat aparılır, o cümlədən sığorta olunmuş insanların vaxtında sığortasını ödəmək üçün ciddi tədbirlər həyata keçirilir. Amma bizdə süründürməçilik olduğu üçün, müəyyən arayışlar və sair tələb olunduğu üçün insanlar sığorta olunmaq istəmirlər. İstər həyatın sığortası, istərsə əmlakın sığortası, istərsə də tibbi sığorta, faktik olaraq, aşağı səviyyədədir. Bu qanunun qəbul edilməsi müəyyən səviyyədə Azərbaycanda sığortanın inkişafına təsir edəcək, çünki bu qanun layihəsində elə maddələr vardır ki, 1999-cu ildə qəbul olunmuş qanunda bunlar yoxdur. Bunlar hansılardır?
Birincisi, sığorta bazarında inhisarçılıq aradan qaldırılır, yəni sərbəst sığorta bazarını inkişaf etdirmək üçün inhisarçılığa yol verilmir. İkincisi, müasir dünyada çirkli pulların yuyulmasına çox böyük tələblər qoyulub. Sığorta bazarında terrorçuluğun maliyyələşdirilə bilməməsi üçün əlavə bəndlər, əlavə maddələr bu qanun layihəsinə əlavə olunur. Yəni bu qanun layihəsinə uyğun olaraq sığorta bazarında çirkli pulların yuyulması mümkün olmur. Bilirik ki, dünya təcrübəsində terrorçuluğu maliyyələşdirmək üçün sığorta bazarından istifadə edilməsi halları olur. Ona görə də bu qanun layihəsi, faktik olaraq, bunların qarşısını alır. Bütün bunlara baxmayaraq, bir sıra məsələlər həmin qanun layihəsində öz əksini tapmır və biz komissiyanın iclasında da bunu qeyd etmişik.
Birincisi, həmin məsələlərdən biri təkrar sığorta ilə əlaqədardır. Sığorta müddəti bu qanun layihəsində 5 il götürülüb. Nəyə görə 5 ildən sonra vətəndaş yenə də sığorta etmək üçün müraciət etməlidir? Belə hesab edirik ki, 5 il müddətini, ümumiyyətlə, götürmək lazımdır, çünki yoxlayıcı orqanlar, yəni nəzarət orqanları var, vaxtlı-vaxtında yoxlayırlar, Maliyyə Nazirliyi lazım gələndə lisenziyanı geri götürə bilər, saxlatdıra bilər və sair. 5 il müddəti təkrar sığortadan götürülməlidir.
62, 63, 64-cü maddələrə sığortaçının investisiya fəaliyyəti ilə əlaqədar müddəalar daxil edilib. Sığortaçının investisiya layihələrini həyata keçirməklə ehtiyat fondlarından istifadə etməsi üçün geniş imkanlar yaradılır. Amma burada da baxmaq lazımdır, sığortaçının öz vəsaiti, bir də onun ehtiyat vəsaiti var. Öz vəsaitindən istifadə edə bilər. Amma ehtiyat vəsaitlərə baxmaq lazımdır. Sabah bütün vəsaitləri istifadə edə bilər, amma hər hansı bir hadisə baş verəndə ödəməyə artıq məbləği qalmaz. Bu da ciddi məsələdir. Buna baxmaq lazımdır.
Təftiş komissiyası ilə əlaqədar bizim komissiyanın iclasında da məsələ qaldırıldı. Biz hesab edirik ki, təftiş komissiyasının hamısının müstəqil ekspertlərdən ibarət olması tamamilə düzgün deyil. Yəni sığortaçıların özlərinə imkan vermək lazımdır ki, təftiş komissiyasında da iştirak edə bilsinlər. Təftiş komissiyalarından başqa daxili audit, xarici audit var. Bu yoxlamaları onlar da apara bilirlər. Burada böyük bir problem yoxdur.
Burada Ziyad müəllim də qeyd etdi. 18.2.1-ci maddədə xarici fiziki şəxslərlə əlaqədar yazılır ki, xarici fiziki şəxslər sığortaçının təsisçisi ola bilməzlər. Amma digər tərəfdən 19-cu maddədə göstəririk ki, xarici sığortaçılar aşağıdakı tələblərə cavab verəndə sığortaçının təsisçisi ola bilərlər. Yəni öz ölkəsinin sığorta nəzarəti orqanını qane edən səviyyədə olmalıdır. Bunu təyin etmək həddindən artıq çətindir. Hər hansı bir xarici sığortaçı gəlib deyir ki, mən sığorta bazarında iştirak etmək istəyirəm. Sən necə öyrənə bilərsən ki, onun öz dövlətində vəziyyəti necə olub? Bəlkə orada bankrot vəziyyətində idi. Bunu təyin etmək həddindən artıq çətindir. Ümumiyyətlə, xarici sığortaçıların Azərbaycan bazarında iştirakına çox ciddi yanaşmaq lazımdır ki, Azərbaycan bazarında sabah ciddi narahatlıq yaranmasın.
Digər tərəfdən, Azərbaycan dövləti, bilirsiniz ki, Ümumdünya Ticarət Təşkilatı ilə ciddi danışıqlar aparır və yaxın müddətdə, ola bilər, gələn ilin axırında və yaxud 2009-cu ildə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olsun. Biz bu qanunu qəbul edəndə Ümumdünya Ticarət Təşkilatının tələblərini nəzərə almalıyıq ki, sonradan qanunda dəyişikliklər etməyək, çünki həmin tələblər həddindən artıq ciddidir. Sığorta bazarında çox ciddi və çevik tarif siyasəti aparılmalıdır. Ciddi, çevik tarif siyasəti aparılmasa, Azərbaycanda sığorta bazarını yüksək səviyyədə inkişaf etdirə bilməyəcəyik. Mən hesab edirəm ki, verilən qanun layihəsi konseptual cəhətdən çox dəyərlidir və bunun üzərində işləyən həmkarlarıma təşəkkürümü bildirirəm. Birinci oxunuşda qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət olunan qonaqlar! Oqtay müəllim, çıxışıma başlamazdan əvvəl icazə verin, məlumat üçün və həm də stenoqram üçün bildirim ki, XXXVII məsələyə Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasında da baxılmış və bizim müsbət rəyimizi nəzərə almağınızı rica edirəm.
Hörmətli Sədr, dövlət başçısı tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim olunan bu qanun layihəsi iqtisadi qanunvericiliyimizin mühüm sənədlərindən biridir. Başqa sahələrdə olduğu kimi, iqtisadi sahədə də Avropa hüququ məkanına inteqrasiya edən Azərbaycan özünün iqtisadi qanunvericiliyini təkmilləşdirir, onu qoşulduğu beynəlxalq sənədlərin tələblərinə uyğunlaşdırır. Bu baxımdan 1999-cu ilin əvvəllərində qəbul edilmiş və bu gün də qüvvədə olan “Sığorta haqqında” Qanunun yeniləşməsinə böyük ehtiyac duyulurdu. Onu qeyd etmək istəyirəm ki, qüvvədə olan qanun cəmi 55 maddədən ibarət olmaqla baxılan sahənin tənzimlənməsini tam əhatə edə bilmir. Bəzən hüquqi boşluqların olmasını nəzərə çarpdırır.
Möhtərəm Prezidentimiz tərəfindən təqdim olunan yeni qanun layihəsi əhatəli olmaqla 144 maddədən ibarətdir. Sənəd bütövlükdə iqtisadi hüququn baxılan sahəsinə tam cavab verir, onun hazırlanmasında Avropa ölkələrinin, beynəlxalq təcrübənin öyrənilməsi və istifadəsi aydın şəkildə qanun layihəsində hiss olunur. Qanun layihəsinin strukturu mükəmməl işlənilmişdir. Qanun layihəsinin “Sığorta fəaliyyəti haqqında” adlandırılması və bu sahədə fəaliyyətin bütün aspektlərini əhatə etməsi təqdirəlayiqdir. Müsbət hallardan biri də odur ki, baxılan sənəddə inhisarçılıq, terrorçuluq, çirkli pulların yuyulması kimi halların qarşısının alınmasına yönəldilmiş müddəalar öz əksini tapır. Qanun layihəsində sığortaçılarda korporativ idarəetmə məsələləri ətraflı və anlaşılan şəkildə verilmişdir. Bu bölmə sözügedən hüquqi tənzimlənməni tam əhatə edir. Burada təşkilati məsələlərdən tutmuş sığortaçının rəhbər və digər işçilərin vəzifələri, onlarla müstəqil auditorlar məramnamələrini təsdiq edən qaydaları ətraflı şəkildə verilir. Bunun haqqında komissiya sədri hörmətli Ziyad müəllim də məlumat verdi.
Baxılan qanunvericilikdə mühüm məsələlərdən biri sığortanın maliyyə sabitliyi, ödəmə qabiliyyəti ilə bağlı hüquqi tənzimləmə məsələləridir. Bütün bunlar ayrı-ayrı müddəalarda başa düşüləcək şəkildə və ətraflı qaydada öz əksini tapır. Qanun layihəsinin əhatə etdiyi mühüm məsələlərdən biri də sığorta sahəsində dövlət tənzimlənməsi və nəzarət institutudur. Bunlarla bağlı verilən maddə və müddəalar təqdirəlayiqdir. Sığorta sektorunda dövlət tənzimlənməsi, dövlət nəzarəti, onların maliyyələşdirmə mənbələri, fəaliyyət zamanı hüquq və vəzifələr, sanksiyalar, lisenziyalar, onların tətbiqi, məktublaşdırılması, dayandırılması, sığorta nəzarəti orqanı, onun məsuliyyətinin həddi kimi müddəalar qanun layihəsində ətraflı şəkildə verilmişdir.
Çox müsbət haldır ki, qanun layihəsinin keçid müddəaları ilə, yeni tənzimlənmələrin və müddətlərin tətbiqi ilə bağlı keçid məsələləri əhatə olunur. Sözümü ulu öndərimiz Heydər Əliyevin bir kəlamı ilə tamamlayaraq, qanun layihəsinin birinci oxunuşa cavab verməsini bildirərək hörmətli həmkarlarımı qanun layihəsinə müəyyən müzakirədən sonra səs verməyə çağırıram. Ulu öndərimiz beynəlxalq təşkilatın birində iştirak edən zaman məhz sığortanın yeni bir sahə olduğunu və tərəfimizdən ətraflı öyrənilmədiyini bildirmiş və sığorta bazarının tam mənimsənilməsi, öyrənilməsi və şəffaflığının təmin edilməsi haqqında xalqımıza tövsiyə vermişdir. Hesab edirəm ki, qanun layihəsi ümumən üç oxunuşda müzakirədən sonra qüvvəyə minəcək və bu sahəyə rəhbərlik edən müvafiq icra hakimiyyətinin başçıları ulu öndərimizin tövsiyələrini əldə əsas tutacaq və tərəfimizdən öyrənilməyən sahələri mənimsəyərək bunun tətbiqinə nail olacaqlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsi kifayət qədər əhatəli işlənib. Bu qanun layihəsini işləyib hazırlayanlara təşəkkür edirəm. Bu qanun layihəsinin sahibkarlığın başqa növləri ilə müqayisədə bir spesifik cəhəti var, bu da ondan ibarətdir ki, əgər sahibkarlığın başqa növləri yalnız öz riskinə cavabdehdirsə, sığorta şirkətləri müştərinin də riskini öz üzərinə götürür. Ona görə də bu qanun xüsusi, mükəmməl bir qanun kimi ortaya çıxmalıdır. Bu baxımdan 1999-cu ildən bu yana Azərbaycanda sığorta sisteminin beynəlxalq səviyyədə inkişafının bir sıra məqamlarının 120 dəyişiklik vasitəsi ilə bu qanun layihəsində öz əksini tapmasını təbii hesab edirəm. Qanun layihəsində bu gün vacib hesab olunan bir sıra suallara kifayət qədər açıq cavab verilir.
Birinci, bu qanunun qəbul edilməsi Azərbaycanda sığorta bazarının inkişaf etdirilməsinə təkan verə bilərmi? Hesab edirəm ki, kifayət qədər əhatəli bir qanun layihəsidir. Bu suala müsbət cavab vermək olar. İkinci, bu qanun layihəsi işlənilmiş formada beynəlxalq təcrübəni lazımi dərəcədə nəzərə alır. Beynəlxalq təcrübədə, xüsusi ilə son dövrlərdə sığortaçı payçıların riskləri ilə bağlı, onlara olan tələblərin sərtləşdirilməsi istiqamətində öz əksini tapan məqamlara görə beynəlxalq təcrübəni də nəzərə alır. Üçüncü, bu qanunun qəbul edilməsi Azərbaycanın sığorta bazarının beynəlxalq bazara inteqrasiyasına təkan verəcəkmi? Bu suala ətraflı cavab verməkdən ötrü qanun layihəsini hazırlayan müəlliflər həm komissiyada irəli sürülən təklifləri, həm də indi millət vəkilləri tərəfindən irəli sürüləcək təklifləri nəzərə almalıdırlar.
Azərbaycanda son illərdə sığorta bazarı sürətlə inkişaf etməsinə baxmayaraq, dünya göstəriciləri ilə müqayisədə adambaşına sığorta vəsaiti nöqteyi-nəzərindən biz orta dünya göstəricisindən 50 dəfə geri qalırıq. Amma məsələ bundadır ki, biz qonşularımızdan da geri qalırıq. Enerji daşıyıcısı olan ölkələrdən − Rusiyadan 12 dəfə, Qazaxıstandan 3 dəfə geri qalırıq. Bu geriliyi aradan qaldırmaqdan ötrü Azərbaycanda kifayət qədər imkanlar var.
Risklə bağlı bayaqkı məsələyə qayıdıram. Əgər Azərbaycanın sığorta şirkətləri sığorta sahibkarlığının əsas məqamı olan riskləri öz üzərinə götürməkdə tərəddüd etsə, sığorta bazarının inkişafı ləngiyəcək. Bugünkü vəziyyəti mən qiymətləndirirəm. Azərbaycanda 29 sığorta şirkətinin təxminən 7-8-nin əsas vəsaiti xarici kapitaldır. Bu da onun 28 faizini təşkil edir. 28 faiz risklərin 70 faizə qədəri, yəni əldə olunan gəlirin yarısına qədəri xaricilərə çatır. Buna görə də məhz risklərin götürülməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlar dərinləşdirilməli, səlisləşdirilməli və Azərbaycanda sığorta bazarının inkişafına təkan verən istiqamət gücləndirilməlidir.
Azərbaycan təkcə Bakıdan ibarət deyil. Əgər sığortadan danışırıqsa, biz sığortanın Bakıdan regionlara tərəf inkişafının qayğısına qalmalıyıq. Regionlarda sığortanın inkişafı məsələsinə ciddi diqqət verməliyik. Mənim vacib hesab etdiyim məsələlərdən biri də ondan ibarətdir ki, əgər sığortaçı ilə sığortaolunan arasında maraqlar uzlaşmasa, hər ikisinin marağında balans olmasa Azərbaycanda sığorta inkişaf etməyəcək. Burada vaxt almamaq üçün maddələri göstərmirəm. Vacib məsələlərdən biri də ondan ibarətdir ki, məhz sığorta şirkətinin fəaliyyətinə xitam veriləndən sonra bundan əvvəl müzakirə etdiyimiz tikinti təşkilatlarındakı vəziyyət yaranmayacaqmı? Bu sual həddindən artıq çox vacibdir, çünki burada da insanların maraqları var. Buraya salınmış maddələr imkan verir ki, həmin suala müsbət cavab verilsin. Bu da qanun layihəsinin çox müsbət cəhətlərindən biridir. Bu istiqamətdə də sığorta işinin inkişaf etdirilməsi sığortanın əsas amili olan məhz sığortaya inamın gücləndirilməsi nöqteyi-nəzərdən çox mühüm əhəmiyyət kəsb edir.
Sığorta elə bir sahədir ki, həmin sahənin normal inkişafı üçün həm nəzarət mexanizmi beynəlxalq praktikada olduğu kimi gücləndirilməlidir, həm də orada kənar müdaxilələri minimuma endirmək lazımdır. Lisenziyanın birdəfəlik verilməsinə tərəfdaram. Burada kifayət qədər çox yaxşı bir mexanizm qurulub ki, qaydadan, standartlardan kənara çıxan sığorta şirkətinin fəaliyyətinə xitam vermək o qədər də çətin iş deyil. Bunu ona görə deyirəm ki, komissiyada da həmin məsələ qaldırıldı. İri təşkilatlar sığorta olunurlar, amma sığorta şirkətinin son anda artıq lisenziyasına bir az vaxt qaldığı məlum olur. Artıq bu təşkilatlar həmin şirkətdə sığorta olunmaqdan ehtiyatlanırlar. Ona görə ki, onların növbəti dəfə lisenziya almaq məsələsi havadan asılı qalır. Bu da həmin sığorta şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərir, mütləq bunun aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülməlidir.
Növbəti vacib məsələ Azərbaycan sığortası ilə beynəlxalq sığorta bazarının əlaqəsinin zəif olmasıdır. Çox misallar çəkmək olar ki, Azərbaycanın hansısa sığorta şirkətində sığorta olunub, məsələn, Türkiyədə, yaxud Avropada, yaxud postsovet ölkələrində həmin sənəddən istifadə etmək çətindir. Bugünkü Azərbaycan sığorta şirkətlərinin iki problemindən biri budur. Onlar beynəlxalq bazara inteqrasiya istiqamətində öz fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar ki, həmin vəsaitin Azərbaycanda qalması, həm də onların sığorta sənədinin başqa ölkələrdə də qəbul olunması məsələsi həll olunsun.
Qanun layihəsi kifayət qədər yaxşı hazırlanıb. Amma açıq deyək ki, 15 fəsil, 144 maddədən ibarət qanun layihəsində nizamnamə və məramnamədə öz əksini tapan maddələr daha çoxdur. Həmin maddələri mən sadalamıram. Məsələn, 105 və 106-cı maddələri birləşdırmək, bəzilərini çıxarmaq olar. Əgər bu qanun layihəsini yığcamlaşdırsaq, əsasnamədə öz əksini tapmalı məqamların bir hissəsini ümumiləşdirsək daha yaxşı olar, çünki növbəti mərhələ məhz normativ sənədlərin hazırlanması olacaq. Ona görə də burada olan xırdalıqlara lüzum yoxdur. Bizim təkliflərimizi, burada qeyd olunanları da nəzərə almaqla ikinci oxunuşa daha yığcam qanun layihəsi çıxarmaq olar. Bu isə Azərbaycanda sığorta bazarının inkişafının hüquqi normativ bazasının möhkəmləndirilməsinə böyük bir xidmət olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Gülhüseyn Əhmədov.
G.Əhmədov. Təşəkkür edirəm, cənab Sədr. Bu gün müzakirə olunan Sığorta fəaliyyəti haqqında qanun layihəsi Azərbaycanda aparılan iqtisadi islahatların məqsədli mütərəqqi tənzimləmə uçotlarını ortaya qoyur. Layihədə diqqəti cəlb edən əsas məqamlardan biri sığorta nəzarəti tədbirlərinin gücləndirilməsidir. Sözsüz, xüsusi əhəmiyyətli sahibkarlıq fəaliyyəti kimi sığorta fəaliyyətinə güclü dövlət nəzarəti həm rəqabət qabiliyyətli sığorta bazarının formalaşması, həm də sığorta xidmətlərinin istifadəçilərinin hüquqlarının təmin edilməsi mexanizmi üçün mühüm amildir. Xüsusən də sığorta şirkətlərinin əlaqəli şəxslər ilə, eyni zamanda, xarici, hüquqi şəxslərlə münasibətlərinin necə olması sığorta mühitinin də formalaşmasına əhəmiyyətli təsir göstərir.
Layihənin VII fəslində müəyyənləşdirilmişdir ki, sığortaçı əlaqəli şəxslər ilə, məsələn, öz idarəetmə orqanının üzvləri, mühüm iştirak payına malik səhmdarları, törəmə şirkətləri və sair ilə əqdlər bağlayarkən həmin əqdlərin şərtləri digər şəxslərlə bağlanan əqdlərin şərtlərinə nisbətdə əhəmiyyətli dərəcədə əlverişli olmamalıdır. Əks halda bu cür əqdlər qanunla etibarsız sayılır. Sözsüz, belə tənzimləmə bu gün tez-tez rast gəlinən sığorta əməliyyatlarından süni istifadə hallarının qarşısını alacaq. Belə ki, sığorta şirkətinin əsas səhmdarı şirkətin vəsaitlərini müəyyən şəxsi məqsədlər üçün özünə sərf edən şərtlərlə borc götürərək müvafiq bildiyi istiqamətlərə yönəldir, bu da sığortaçının maliyyə sabitliyini risk altına qoyur.
Qanun layihəsində sığortaçının verdiyi investisiyaların və borcların məbləğinin və istiqamətlərinin tənzimlənməsi bu yöndə digər bir mütərəqqi yenilikdir. Çirkli pulların yuyulması, həmçinin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədi ilə beynəlxalq səviyyədə görülən tədbirlər həmçinin sığorta və təkrar sığorta əməliyyatlarını da əhatə edir. Bu da təsadüfi deyil, çünki qeyd olunan qanunsuz əməliyyatların təşkilatçıları müəyyən əməliyyatlar zamanı ötürülən iri həcmli vəsaitləri digər maliyyə əməliyyatlarında olduğu kimi, sığorta və ya təkrar sığorta əməliyyatları vasitəsi ilə müəyyən yollarla öz məqsədlərinə yönəldə bilərlər. Düzdür, bu gün Azərbaycanın sığorta bazarı böyük həcmli maliyyə vəsaitlərinə malik deyil ki, ölkənin hər hansı sığorta şirkəti belə əməliyyatların vasitəsinə çevrilsin, lakin sığorta bazarının qeyd olunan sabit və müsbət inkişaf meylləri yaxın gələcəkdə sığortaçılarımızın daha böyük həcmdə maliyyə əməliyyatlarının iştirakçılarına çevriləcəyinə bir işarədir.
Son vaxtlar sığorta bazarı ilə bağlı narahatlıq doğuran məsələlərdən biri də ölkə daxilində sığortalanan risklərin bəzi hallarda beynəlxalq bazarda tanınmayan qeyri-peşəkar təkrar sığortaçılara ötürülməsidir. Bu cür əməliyyatlar qeyd olunan sahədə gələcək təhlükələr üçün potensial riskdir. Bu baxımdan qabaqlayıcı tədbirlər kimi qanun layihəsində əks olunan iki yeni tənzimləmə elementinin mühümlüyünü qeyd etmək lazımdır.
Birincisi, layihənin 13-cü maddəsində qeyd olunan çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasının tədbirlərinə aid müddəalardır. Bu müddəalarda sığortaçılar vasitəsi ilə həyata keçirilən əməliyyatlar, məsələn, xarici təkrar sığortaçılar tərəfindən sığorta şirkəti vasitəsi ilə ölkə ərazisində olan hər hansı fiziki və ya hüquqi şəxslərə iri həcmdə sığorta ödənişlərinin verilməsi, yaxud da əksinə, eyni vasitə ilə xarici təkrar sığortaçılara sığorta haqlarının ödənilməsi zamanı sığortaçıların bu əməliyyatların iştirakçılarının şəxsiyyətini və ya hüquqi şəxsdirsə, digər rekvizitlərini tələb etmə hüququnun təsbit edilməklə, eyni zamanda, müəyyən məbləğdən yuxarı aparılan müvafiq əməliyyatlar üzərində sığorta nəzarəti orqanı tərəfindən monitorinq aparılması təsbit olunur.
Qeyd edilməlidir ki, sığorta nəzarəti sahəsində beynəlxalq prinsiplər, standartlar müəyyən edən təşkilat olan Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının qəbul etdiyi 28-ci əsas prinsip məhz çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması tədbirlərinə aiddir. Bundan başqa, Ümumdünya Ticarət Təşkilatı Azərbaycanla bağlı tövsiyələrində bəhs edilən qanunsuz əməliyyatlara qarşı mübarizə istiqamətində qanunverici tədbirləri ön plana çəkir. Bu istiqamətdə ikinci mütərəqqi müddəa xarici sığortaçıların və xarici sığorta brokerlərinin reyestri ilə bağlıdır. Layihənin 120-ci maddəsinə görə sığorta nəzarəti orqanı sığorta bazarının digər peşəkar iştirakçıları kimi xarici təkrar sığortaçılarının, xarici sığorta brokerlərinin də reyestrini aparır. 10-cu maddəyə görə isə Azərbaycan Respublikasının sığortaçıları riskləri xarici ölkələr üçün yalnız bu reyestrə daxil olan xarici təkrar sığortaçıları və xarici sığorta brokerlərini seçə bilərlər. Qeyd olunan müddəa qeyri-peşəkar və ya şübhəli əməliyyatlarla bağlı ola bilən xarici hüquqi şəxslərlə əməliyyatların qarşısının alınması baxımından əlverişli normativ tənzimləmə metodunu ortaya qoyur.
Qüvvədə olan qanunvericilikdən fərqli olaraq layihədə sığortaçıların nizamnamə kapitalında xarici hüquqi şəxslərin payına qoyulan məhdudiyyətin aradan qaldırılması, həm Ümumdünya Ticarət Təşkilatının tələbləri, həm də deyildiyi kimi, sığortalananların mənafeyinə cavab verən rəqabətli sığorta bazarının formalaşması üçün mühüm addımdır. Həm qüvvədə olan qanunda, həm də layihədə xarici sığortaçıların birbaşa və ya filialları vasitəsi ilə sığortalanma imkanları əksər ölkələrdə olduğu kimi qadağan edilmişdir. Bu da təsadüfü deyil, çünki lisenziyalaşdırılan fəaliyyət növü kimi daim ciddi dövlət nəzarətində olmalı olan sığorta əməliyyatlarının ölkə daxilində xaricilər tərəfindən aparılması sığorta nəzarətinin səmərəliliyini kifayət qədər məhdudlaşdırar.
Lakin yeni layihənin 22-ci maddəsində heç bir müqavilə bağlamaq hüququ olmayan və yalnız təmsilçilik funksiyasını yerinə yetirən xarici sığortaçıların nümayəndəliklərinin açılmasına qoyulan qadağa müəyyən sual doğurur və hər hansı bir əsası yoxdur. Buna görə də xarici sığortaçının nümayəndəliyinin açılması ilə bağlı qadağanı məqsədəuyğun hesab etmirəm. Beynəlxalq təcrübəyə görə sığorta nəzarətinin gücləndirilməsi təkcə bu funksiyanı həyata keçirən orqanın səlahiyyətlərinin qanunvericiliklə təmin edilməsindən ibarət olduqda gözlənilən səmərəni vermir. Sığorta nəzarəti orqanının kadr potensialı qanunvericilikdə göstərilən səlahiyyət və vəzifələri həyata keçirmək imkanına uyğun olmalıdır. Təkzibedilməz faktdır ki, iri sığorta şirkətlərinin maddi-texniki bazası, həmçinin daha peşəkar kadrları cəlb etmək və saxlamaq imkanı ilə müqayisədə bugünkü dövlət qulluqçusu maaşı ilə belə lazımi kadrların sığorta nəzarəti orqanına cəlb edilməsi qeyri-mümkündür. Qeyd olunan problemin aradan qaldırılması üçün bir çox ölkələrdə artıq tətbiq olunan nəzarət orqanının əlavə maliyyələşdirilməsi metodlarının Sığorta fəaliyyəti haqqında qanun layihəsində əks olunması layihənin inkişaf etmiş beynəlxalq təcrübəyə kifayət qədər uyğunluğunu göstərən digər bir faktdır.
Qeyd olunan beynəlxalq təcrübəyə, həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun ekspertlərinin tövsiyələrinə əsasən qanun layihəsinin 103-cü maddəsində nəzərdə tutulmuş sığorta haqlarının 0,5 faizi məbləğində ayırmalar sığorta nəzarəti orqanının maddi-texniki bazasının, kadr potensialının artırılması üçün nəzərdə tutulmuşdur. Bu məbləğ yaxın gələcəkdə sığorta bazarının inkişafı ilə paralel olaraq Azərbaycanın sığorta nəzarəti orqanında maliyyə resurslarının, həmçinin nəticədə kadr potensialının inkişaf etmiş ölkələrdə mövcud imkanlara yaxınlaşmasına köməklik edəcəkdir. Lakin bununla bağlı təklif edirəm ki, layihədə nəzərdə tutulmuş ayırmaların ödənilməsi qaydası əksər ölkələrdə olduğu kimi qanunun özündə tənzimlənsin ki, qanun qüvvəyə minəndən sonra fikir ayrılıqlarına səbəb olmasın.
Sonda bildirirəm ki, Sığorta fəaliyyəti haqqında qanun layihəsi ümumilikdə, həm ölkə iqtisadiyyatının bugünkü inkişaf perspektivlərinin nəzərə alınması, həm də inkişaf etmiş beynəlxalq təcrübənin prinsiplərinin Azərbaycan modelinə təkmil formada uyğunlaşdırılması baxımından mütərəqqi hesab edilməlidir. Layihənin birinci oxunuşda Milli Məclis tərəfindən qəbul edilməsi məqsədəuyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sığorta haqqında əvvəlki qanun bir çox çatışmazlığa malik olmaqla Azərbaycanda sığortanın inkişafına imkan vermirdi. Ölkədə sığorta fəaliyyətinin geniş vüsət alması üçün təkmil bir sığorta qanununa ehtiyacımız vardır. Bu mənada belə bir qanun layihəsinin müzakirəyə çıxarılmasını təqdir edirəm. Ancaq təəssüflər olsun ki, bu layihənin hazırlanmasında bir sıra qüsurlara yol verilmiş, sığorta haqqında qanunun tələblərinə uyğun sənəd hazırlanmamışdır.
Birincisi, qanun layihəsindəki bir sıra maddələr ölkə qanunvericiliyində öz əksini tapıbdır. Sığorta təşkilatları ilə münasibətləri tənzimləmək üçün bu maddələrin layihədə xüsusi bir hal kimi göstərilməsinə və bununla da qanunun mürəkkəbləşməsinə heç bir ehtiyac yoxdur. İkincisi, qanun layihəsinin ayrı-ayrı müddəaları arasında uyğunsuzluqlar, hətta bir-birini təkzib edən maddələr var. Üçüncüsü, qanun layihəsinin ən vacib elementlərindən biri olan sığorta fəaliyyətini tənzimləməkdənsə bu layihə sığorta fəaliyyətini daha çox sığorta nəzarəti orqanından birmənalı şəkildə asılılığa aparır və buna görə də, əslində, sığorta təşkilatlarının sıxışdırılması məqsədinə xidmət edir. Dediklərimi əsaslandırmaq üçün ayrı-ayrı maddələrə müraciət edəcəm.
Layihənin “Əsas anlayışlar” hissəsində “lisenziya”dan tutmuş “kapital”, “fiziki”, “hüquqi şəxs”, “yerli şəxs” və “vətəndaş qüsursuzluğu” və sair kimi 54 terminin izahı verilibdir. Başqa bir maddədə sığorta təşkilatlarının idarə olunması ilə bağlı məsələlərin geniş izahı öz əksini tapıbdır. Bütün bunlar, həmçinin 7-ci maddənin sığorta fəaliyyəti ilə bağlı 1-ci hissəsi, 9-cu maddənin hüquqi şəxsə aid olan 3-cü hissəsi, inhisarla bağlı 12-ci maddə və sair məsələlər Mülki Məcəllədə, “Səhmdar cəmiyyəti haqqında” Qanunda, Konstitusiyada öz əksini tapıbdır. Ayrı-ayrı qanunvericilikdə öz əksini tapan bir çox məsələləri ancaq sığorta şirkətinə şamil etməyə, burada verilməsinə və bununla da qanunun mürəkkəbləşdirilməsinə heç bir ehtiyac yoxdur. Fikir verin, layihədə belə anlayışlara mənasız yerə bu qədər yer ayrılır, sırf sığorta ilə bağlı məsələlərin mahiyyəti isə dəqiq açıqlanmır. Məsələn, layihədə göstərilən “icbari və könüllü sığorta” nə olan şeydir? Bunlar bir-birindən nə ilə fərqlənir? Heç bir izahat yoxdur. Əksinə, ölkə qanunvericiliyində sığorta ilə bağlı nə varsa, əslində, bu layihədə öz əksini tapıbdır. Əgər Mülki Məcəllədəki bütün maddələri buraya yükləyəcəkdiksə, bəs onda bu məcəlləni nəyə görə qəbul etmişik?
Biz mütəxəssislərlə Rusiyanın, Belarusun, Qazaxıstanın qanunlarına baxmışıq. 30-40 maddədən ibarət olan bu qanunlar həddindən artıq yüngül qanunlardır. Hesab edirik ki, bu təcrübədən yararlanmaq və sığorta haqqında qanunu sadələşdirməliyik. Layihədə bir-birini təkzib edən, uyğun gəlməyən maddələr də vardır. Məsələn, 10.3-cü maddə ilə yalnız yerli şəxslərin sığorta fəaliyyəti ilə məşğul olması təsbit olunur, xarici şəxslərin məşğul olması qadağan edilir. Ancaq 18-ci maddə tamamilə bu maddəyə ziddir. Buradan görünür ki, xarici sığorta şirkətləri də Azərbaycanda sığorta təsisçisi ola bilərlər. Bu layihədə həm lisenziya almaqdan söhbət gedir, həm də icazə verməkdən. Halbuki lisenziya elə icazə sənədidir.
Diqqətinizi 7.1-ci maddəyə cəlb edirəm. Əgər lisenziyada sığorta növləri göstərilirsə, hansı icazədən söhbət gedə bilər? Bir icazə sənədi vardır, bu da lisenziyadır. Dünyada qəbul edilmiş praktika belədir. Başqa bir uyğunsuzluq 7.5-ci maddə ilə əlaqədardır. Burada birmənalı şəkildə göstərilir ki, sığortaçının təşkilati, hüquqi forması yalnız açıq səhmdar cəmiyyəti olmalıdır. Ancaq layihənin sonrakı maddələrində, ayrı-ayrı yerlərdə təsisçilərdən, təsisçilər arasındakı müqavilələrdən və sairdən söhbət gedir. Məsələn, 44.1.2-ci maddədə göstərilir ki, təsis müqaviləsi olmalıdır. Halbuki səhmdar cəmiyyətin yaradılması qaydalarında təsis müqaviləsi yoxdur. Səhmdar cəmiyyətin mindən artıq səhmdarı ola bilər. Onlar arasında müqavilə bağlana bilməz, axı. Bu maddə layihədəki bir sıra maddələrlə, eyni zamanda, Mülki Məcəllə ilə də ziddiyyət təşkil edir.
8-ci maddənin 1-ci hissəsində yazılıbdır: “Sığortaçının səhmləri və digər qiymətli kağızları yalnız adlı qiymətli kağız kateqoriyasında olmalıdır”. Əgər səhmdar cəmiyyətin səhmləri kütləvi şəkildə satışa buraxılırsa, bu, adlı qiymətli kağız ola bilməz. Onlar kütləvi satışa buraxılan adi səhmlərdir. Burada söhbət, əslində, sığortaçının digər qiymətli kağızlarından getməlidir, səhmlərindən yox.
Hesab edirəm ki, layihənin mətni qısaldılmalıdır. Layihənin böyük bir bölməsi, 19-a qədər maddə lisenziyalaşdırma qaydalarına həsr olunub. Hətta layihənin sonundakı 112, 113, 114, 115-ci maddələr də lisenziyalaşdırmaya həsr edilib. Bunlar qaydaların predmetidir. Onları qanunlarda yazmaqdansa, yaxşı olardı ki, sığorta nəzarəti orqanı sığorta qaydalarını tərtib etsin və Nazirlər Kabinetinin təsdiqindən sonra bu qaydalar təqdim edilsin. Bunların bütün xırdalıqlarına qədər qanunlaşdırılmasına ehtiyac yoxdur. Qanunda lisenziyalaşdırmanın ümumi prinsipləri öz əksini tapmalıdır.
Layihənin bir sıra maddələrində heç bir hüquqi yükü olmayan iqtisadi məsələlər öz əksini tapıbdır. Məsələn, sığorta bazarının iştirakçılarından bəhs edən 5-ci maddəni götürək. Burada heç bir hüquqi yükü, qanunvericiliyə dəxli olmayan iqtisadi-nəzəri xarakter daşıyan məsələlərdir. Bu maddəyə layihədə heç bir ehtiyac yoxdur. Sığorta bazarının iştirakçıları çoxları ola bilərlər. Niyə qanun bunlara qadağa qoymalıdır? Eləcə də layihənin xeyli hissəsini əhatə edən 14-cü və 15-ci maddələr hüquqi yükü olmayan, sırf iqtisadi izahedici maddələrdir. Hətta təlimat xarakterli məsələlər də bu layihəyə salınıbdır. Məsələn, söhbət 40, 41, 42-ci maddələrdən, həmçinin sığortaçıların rəhbər və digər işçilərinin vəzifələrindən bəhs edən çoxsaylı digər maddələrdən gedir. Belə maddələrlə qanunu ağırlaşdırmağın heç bir əsası yoxdur. Bunların hamısı qaydalarda, təlimatlarda öz əksini tapmalıdır.
Layihədə ümumi məsələlərə o qədər yer verilir ki, qanunun əsas predmetlərindən biri olan sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətindən bəhs edən maddələr, həmçinin sığorta sektorunun dövlət tənzimlənməsindən bəhs edən əsas maddələr layihənin lap axırına salınıbdır. Qanunda əsas işləməli olan sığorta ehtiyatları, tələb olunan kapitalla bağlı maddələr öz əksini tapmalıdır. Layihənin sığorta sektorunun dövlət tənzimlənməsi və nəzarəti hissəsinə baxanda belə çıxır ki, bu maddələr nəzarəti ancaq yoxlamada görür. Təqdim olunan məzmunda qəbul olunsa, əslində, onların sıxışdırılması üçün bir vasitəyə çevrilə bilər.
Ayrı-ayrı maddələri təhlil etsək görərik ki, bu maddələr sığorta fəaliyyətinə deyil, sığorta şirkətinin özünə nəzarət edir. Hüquqi şəxs baxımından şirkətə nəzarət Ədliyyə Nazirliyinin işidir. Sığorta nəzarəti orqanı sığorta aparılması qaydalarını və sairi yoxlaya bilər. Bu layihədə isə nəzarət orqanı biznes-plan işləyir. Biznes-plan sığorta təsisçilərinə lazım olan bir sənəddir. Sığorta nəzarəti orqanının biznes-plan ilə nə işi ola bilər ki? Sanki bu layihəni Maliyyə Nazirliyi ilə birlikdə sığorta nəzarəti orqanı hazırlayıb və Prezident Aparatına təqdim edibdir. Əksər maddələrdən görünür ki, sığorta nəzarəti orqanı özünü hakimi-mütləq kimi aparmağa çalışır. Nəzarət etməkdən çox, bütün prosesləri sovet dövründə olduğu kimi öz əlində saxlamağa çalışır. Burada bazar prinsiplərinə uyğun tənzimləmədən deyil, nəzarətdən söhbət gedir. Daha doğrusu, qanun layihəsinin ruhu bazar iqtisadiyyatına uyğun tənzimləmədən daha çox, sovet dövrünün mərkəzləşdirilmiş idarəetmə, sıxışdırma sisteminə uyğundur. Bu isə ölkədə sığorta bazarının inkişafına deyil, sığorta bazarının kimlərinsə əlinə keçməsinə xidmət edir.
Bu layihə sığorta sahəsində inhisarçılığın qarşısının alınmasına imkan yaratmır. Layihədə konkret maddələrdə sığorta bazarında inhisarçılığın qarşısının alınmasına imkan yaradılmır, konkret maddələrdə sığorta bazarında bunların qarşısının alınması üçün tədbirlər görülməsi nəzərdə tutulmayıbdır.
Sığortaolunanların hüquqlarının müdafiə olunması sahəsində də boşluqlar vardır ki, bu da sığorta şirkətləri üçün müəyyən üstün imkanlar yaratmaqla sığortalananların hüquqlarının tapdalanmasına şərait yaradır. Onların hüquqları yenə də müəyyən qədər açıq qalır, şirkət isə hakim mövqeyə çıxır. Hesab edirəm ki, bu qanunun qəbulundan sonra ölkədə şirkət açıb, sığorta fəaliyyəti ilə məşğul olmaq xeyli çətinləşəcəkdir. Bütün bu qüsurları nəzərə alaraq layihənin birinci oxunuşda qəbul edilməsinin əleyhinə çıxmaqla onun təkrar işlənilməsi üçün geri qaytarılmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mənim yadıma bir maraqlı fakt düşdü. Amnistiya haqqında qanun qəbul ediləndə bizim müxalifətçi deputatlar dedilər ki, biz bunu təqdirəlayiq hesab edirik, ancaq səs verməyəcəyik. İndi də belə çıxır ki, qanun layihəsi yaxşıdır, amma buna səs verməyəcəyik. Mən inanmıram ki, hər hansı qanun layihəsi ilə bağlı bizim müxalifətçilər konstruktiv müxalifət kimi çıxış etsinlər, yəni hər şeyə qara deməsinlər. Mən bilmirdim ki, Siz bu sahədə güclü mütəxəssissiniz. Sizə böyük hörmətim var, xahiş edirəm, bu komissiyaya qoşulun, işləyin, bəlkə yeni bir qanun layihəsini ortaya çıxarasınız. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin payız sessiyasının iclaslarında ilk çıxışım olduğu üçün bütün millət vəkillərini, cənab Sədr, Sizi payız sessiyasının başlanması münasibəti ilə təbrik edirəm, hamınıza uğurlar arzulayıram! Eyni zamanda, Sizin qeyd etdiyiniz kimi, bütün millət vəkillərini siyasi baxışlarından asılı olmayaraq obyektiv təhlilə çağırıram.
Bu gün Azərbaycanın sığorta bazarında mövcud olan əsas problemlərdən, mən deyərdim ki, ən birincisi, əhalinin sığorta sisteminə inamının və etibarının az olmasıdır. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri vardır. Sığorta əməliyyatında “sığortalılar” adlanan sığorta xidmətlərindən istifadə edən istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində görüləsi ən vacib tədbirlər sırasında bu xidməti göstərən sığorta şirkətinin fəaliyyətinə güclü dövlət nəzarətinin təmin edilməsidir. Əlimizdə olan Sığorta fəaliyyəti haqqında qanun layihəsinin əsaslandığı prinsiplər içərisində bu meyl sezilməkdədir. Qanun layihəsində beynəlxalq təcrübədə təşəkkül tapmış ilkin və sonrakı sığorta nəzarətinin ayrı-ayrı prinsiplərinə aid müddəaların əhəmiyyətini qeyd etmək lazımdır.
Qanun layihəsində lisenziyalaşdırmanın mövcud qanunvericiliyə nisbətən daha geniş və sığorta fəaliyyətinin xüsusiyyətləri tam nəzərə alınmaqla tənzimlənməsi, həmçinin sığorta fəaliyyətinə lisenziya almaq istəyi, hüquqi şəxslərə qoyulan tələblərin beynəlxalq standartlara uyğunlaşdırılması, istehlakçıların hüquqlarının qorunması üçün qabaqcadan həyata keçirilən tədbirlərin qanunvericilik yolu ilə təsbit edilməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan sığorta bazarının istehlakçılarına xidmət göstərmək üçün bu bazara sığortaçı kimi daxil olmaq istəyən hüquqi şəxs yeni tələblər, xüsusən də qüvvədə olan bank qanunvericiliyində də olduğu kimi, sığortaçının ilkin dövr üçün fəaliyyət planını və bu fəaliyyəti həyata keçirməyə ayrılmış vəsaiti əks etdirən biznes planının tərtib edilməsi sığortaçının məsuliyyətini artırmaqla peşəkar kadr cəlb etməyə stimullaşdırır. Bu planı işləyən və onu əsaslandıran sığortaçı istehlakçılar qarşısında hansı öhdəliklər daşıyacağını əvvəlcədən hiss edir və hələ fəaliyyətə başlamamışdan buna hazırlaşır. Qanun layihəsində beynəlxalq təcrübəyə uyğun belə bir tələbin qoyulması müsbət haldır. Lakin tərtib olunan biznes-planın tələblərə nə dərəcədə uyğun olub-olmamasının meyarları tam ətraflı müəyyənləşdirilməyib. Ona görə təklif edirəm ki, layihənin 46-cı maddəsində biznes-planın qənaətbəxş hesab edilməsi ilə bağlı qeyd edilmiş meyarlara sığortaçının gələcəkdə normal fəaliyyətini təmin etməsinin əsası da əlavə edilsin.
Bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Layihənin 115-ci maddəsində göstərilir ki, lisenziya ləğv edilərkən ictimaiyyətin bundan xəbər tutması üçün bu barədə rəsmi dövlət qəzetində məlumat dərc edilməlidir. Lakin bu tələb lisenziyanın qüvvəsinin dayandırılması və ya məhdudlaşdırılması hallarına şamil edilmir. Əgər sığortaçının fəaliyyəti dayandırılarsa və ya hər hansı sığorta növü üzrə məhdudlaşdırılarsa bu barədə istehlakçıların xəbəri olmalıdır ki, bəzi sığorta şirkətləri bundan sui-istifadə etməsinlər. Buna görə də lisenziyanın qüvvəsinin və ya sığortaçının fəaliyyətinin hər hansı sığorta növü üzrə dayandırılması, həmçinin bərpa etdirilməsi zamanı bu barədə, heç olmasa, sığorta nəzarəti orqanının rəsmi İnternet səhifəsində məlumat verilməsi və mətbuatda açıqlanması tələbinin qanunda əks etdirilməsi məqsədəuyğun olardı. Layihənin sığortalıların hüquqlarının müdafiəsi baxımından təqdirəlayiq müddəalarından biri də 16-cı maddədə nəzərdə tutulmuş bütün sığortaçıların əsaslanmalı olduğu fiziki şəxslərə təqdim edilən könüllü sığorta növləri üzrə minimum tələblərin sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilməsi imkanıdır. Hazırda eyni sığorta növü üzrə bir neçə sığortaçı tərəfindən təqdim edilən sığorta qaydalarının qeyri-standart məzmunu və fərqli təminatlar bağladığı əqdlərə daha peşəkar yanaşan hüquqi şəxslərlə müqayisədə fiziki şəxslərin hər bir sığortaçının sığorta qaydalarının şərtləri ilə lazımınca tanış olmaq imkanını, nəticədə isə seçim imkanını azaldır. Layihədə əks olunmuş sözügedən müddəanı öz məqsədinə daha da uyğunlaşdırmaq üçün fiziki şəxs sığortalılara sığorta qaydalarının sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilməsi, bəzi sığortaçıların sığortalıların hüquqlarını məhdudlaşdıran, sığorta təminatından daha çox istisnalara yol verən qaydalar əsasında sığorta xidmətlərinin göstərilməsinin də qarşısını almış olur.
Sığorta fəaliyyəti haqqında qanun layihəsində istehlakçıların hüquqlarının müdafiəsi üçün müəyyən edilmiş çoxsaylı normativlərin tam səmərəli tətbiqi üçün təkcə sığorta nəzarəti orqanının güclü nəzarəti kifayət deyildir. Bu məqsədlə beynəlxalq miqyasda artıq təşəkkül tapmış təcrübədən istifadə edilməsi sığortalıların şikayəti üzrə icrası məcburi göstərişlər verə bilən sığorta ombudsmanı institutunun formalaşdırılması, eyni zamanda, müflis olan sığorta şirkətlərinin ödəyə bilmədiyi sığorta öhdəliklərini həyata keçirən sığortalıların təminat fondunun təsis edilməsi mühümdür. Qeyd edilən təsisatlar müzakirə etdiyimiz qanun layihəsinin məqsədlərinə daha çox nail olmaq üçün əlverişli şərait yaratmış olurlar. Qanun layihəsində nəzərdə tutulmuş yeni tendensiyaların və ciddi problemlərlə əhatə edilən müddəaların vacibliyini nəzərə alaraq yuxarıda qeyd etdiyim əlavələrin də nəzərə alınması ilə layihənin birinci oxunuşda qəbul edilməsinin Azərbaycan sığorta bazarının bundan sonrakı inkişafında təkan rolunu oynayacağına əmin olduğumu bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Hamının yorğun olduğunu nəzərə alaraq çox qısa, bu sahədə təcrübəm olduğuna görə bir neçə kəlmə söz demək istəyirəm. Birincisi, sığorta elə incə sahədir ki, bu sahədə bir mükəmməl, geniş, hərtərəfli qanunun hazırlanması mümkün deyil. Ancaq bazarın bugünkü səviyyəsinə uyğun qanun hazırlamaq mümkündür. Ona görə də xahiş edirəm, nəzərə alın ki, komissiyalarda müzakirələrdə əgər mükəmməl, Amerika qanunvericiliyinə uyğun bir qanun hazırlasanız, sığorta bazarını öldürəcəksiniz.
İkincisi, bazar iqtisadiyyatına uyğun şəkildə minlərlə ticarət şirkəti, minlərlə istehsalat şirkəti ola bilər, yüzlərlə sığorta şirkəti ola bilməz. Bu ən mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə də sığorta şirkətlərinin yaradılması çox ciddi prosedurlardan keçməlidir. Bu gün çalışan sığorta şirkətləri çox ciddi nəzarətdə saxlanmalıdır. Ona görə də mən təklif edirəm müzakirələri dayandıraq, layihəyə birinci oxunuşda səs verək. İkinci oxunuşa qədər hər kəs öz təklifini verə bilər, müzakirə edə bilərik və ikinci oxunuşa daha təkmilləşdirilmiş şəkildə hazırlanmış layihəni təqdim edərik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Mən hesab edirəm ki, konseptual cəhətdən birinci oxunuşun bütün tələblərinə tam cavab verən bir qanun layihəsidir. Qabaqda ikinci, üçüncü oxunuşlar var. Verilən təkliflər oxunuşlarda nəzərə alınacaq. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 2 
İştirak edir 102
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Ramazan bayramı qabağı biz yəqin görüşməyəcəyik. Ona görə icazə verin, hamınızın Ramazan bayramını təbrik edim, sizə, ailələrinizə xoşbəxtlik arzu edim! Bayramınız mübarək olsun! Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi