2007-ci il 19 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  59

Milli  Məclisin  iclas  salonu.
19  oktyabr  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
M. Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizəd.

* * *

V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
R. Abbasov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə).
2. M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında.
3. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı.
4. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında.
5. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında.
6. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında” 1997-ci il 10 iyun tarixli Müqaviləyə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sənayesi müəssisələrinin istehsalat və elmi-texniki sahələrdə kooperasiyası haqqında” Sazişin təsdiq edilməsi barədə.
8. Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında.
9. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə.
10. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında azad ticarət haqqında” Sazişin təsdiq edilməsi barədə.
11. “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə.
12. “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə.
13. “Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ekstradisiya haqqında” Müqavilənin təsdiq edilməsi barədə.
14. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə.
15. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
16. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə.
17. Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında.
18. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) – Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşa edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə.
19. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə.
20. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi vasitəsi ilə çıxış edən Amerika Birləşmiş Ştatları Hökuməti arasında Qrant Müqaviləsinin təsdiq edilməsi haqqında.
21. “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarına əlavə edilməsi barədə.
22. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
23. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
24. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə.
25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında.
26. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında.
27. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə.
28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
29. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında.
30. Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu”nda dəyişiklik edilməsi barədə.
31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında.
33. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə.
34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
35. Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
36. Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
37. Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hindarx kəndinə qəsəbə statusunun verilməsi haqqında.
38. Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
39. Azərbaycan Respublikasının Şəki şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında.
40. Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.
41. Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
42. Təbii müalicə mənbələri və kurortlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (ikinci səsvermədə).
2. “M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
5. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında” 1997-ci il 10 iyun tarixli Müqaviləyə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sənayesi müəssisələrinin istehsalat və elmi-texniki sahələrdə kooperasiyası haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında azad ticarət haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ekstradisiya haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
18. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) – Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşa edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
19. “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
20. “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi vasitəsi ilə çıxış edən Amerika Birləşmiş Ştatları Hökuməti arasında Qrant Müqaviləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
21. “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarına əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
22. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
23. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
24. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
25. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
26. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
27. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
28. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
29. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
30. “Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
31. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
33. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

19  oktyabr  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 103
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi.
Bildiyiniz kimi, gündəlikdə 42 məsələ var. Burada bir neçə saziş, qanun layihələrinə dəyişikliklər, Milli Koordinatorun illik məlumatı, qanun layihələri var. Müzakirələrə ehtiyac varmı? Yəni təkrar söhbətlər olacaqsa, mən müzakirələri saxlayacağam. Buyurun, yazılın. Müzakirələrə yarım saat vaxtımız var. Səfər Məmmədovun sualı var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Mən bir məsələyə parlamentin diqqətini yönəltmək istəyirəm. Bir neçə gün bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsi qəbul edilib və Nümayəndələr Palatasının təsdiqinə veriləcək. Düzdür, komitənin özündə bu qərar layihəsi çox çətinliklə keçib. Cəmi bir neçə səs üstünlüyü ilə. Verilən son informasiyaya görə müxalifətdə olan Demokratlar Partiyasının 8 üzvü bu qərarın əleyhinə səs verib. Yəni bunun özü də göstərir ki, ABŞ ictimaiyyətində bu məsələ birmənalı qəbul edilmir.
Eyni zamanda, ABŞ kimi demokratik, sivil bir ölkədə uydurma bir məsələnin dövlət siyasəti səviyyəsinə qaldırılması çox böyük narahatçılıq doğurur. Sabah bu məsələnin Yaxın Şərqdə və dünyada ABŞ-ın nüfuzuna nə qədər ağır təsir edəcəyi artıq indidən proqnozlaşdırılıb. Təsadüfi deyil ki, məsələyə əvvəldən qol çəkmiş konqresmenlərin 17 nəfəri artıq imzasını geri götürüb və Nümayəndələr Palatasının sədri artıq məsələni səsə qoymaqda çətinlik çəkir. Amma bütün bunlara baxmayaraq, həmin qərarın qəbul edilməsi təhlükəsi qalır. Ona görə də mən təklif edirəm ki, bu məsələ parlamentin xüsusi iclasında müzakirə edilsin. Azərbaycan parlamenti bu məsələyə münasibətini bildirsin. Mən təklif edirəm ki, bu məsələ ilə bağlı Azərbaycan parlamenti ABŞ Konqresinə müraciət qəbul etsin. Azərbaycan deputatlarından bir qrupu ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşsün və bu narahatçılığımız ABŞ-ın xüsusi nümayəndəsinə çatdırılsın.
Hesab edirəm ki, bu gün dünyada təhlükəsizliyin və sülhün qorunmasında böyük rol oynayan ABŞ kimi qüdrətli bir dövlətin səhv etməyə, eyni zamanda, erməni yalanlarına uymağa ixtiyarı yoxdur. Həmçinin bu məsələdə bizim kənarda qalmağımız düzgün deyil. Bu, yalnız qardaş Türkiyəyə aid olan məsələ deyil. Bu, ümumilikdə, ümumi tariximizə, ümumi prinsiplərimizə aid olan məsələdir. Heç kəs təminat verə bilməz ki, sabah ABŞ-da hansısa bir siyasi qüvvə Dağlıq Qarabağın ermənilərə aid olduğu barədə yalançı bir qərar çıxarmaq üçün kampaniyaya başlamasın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən deputat həmkarımın təklifinə qoşuluram və təklif edirəm ki, Azərbaycan parlamenti bu məsələ ilə bağlı ən azı dinləmələr keçirməlidir. ABŞ-ın Dövlət Departamentinə, konqresə müraciət qəbul etməlidir ki, 1915-ci ilin qondarma “soyqırımı” aktı müzakirə olunubsa, müasir dövrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi genosid aktı da ABŞ Konqresində müzakirə olunmalıdır və müvafiq qərar çıxarılmalıdır.
Bundan başqa, ikinci bir məsələ də Milli Məclisin müzakirəsinə çıxarılmalıdır. Bilirsiniz ki, son günlər PKK terror təşkilatının çox ciddi şəkildə Türkiyənin sərhədlərinin içərilərinə doğru irəliləməsi, qardaş ölkənin silahlı qüvvələrinin xeyli hissəsinin şəhid olması Türkiyənin ciddi qərar qəbul etməsinə gətirib çıxarıb. Çox istərdim ki, Azərbaycan tərəfi də Milli Məclisdə PKK-nı terror təşkilat kimi tanısın və rəsmən Milli Məclis belə qərar versin. Terrorla mücadilədə biz İraqda, Əfqanıstanda qoşun saxladığımız kimi, Türkiyənin terrorla mücadiləsində də Azərbaycan öz dəstəyini əsirgəməsin, ilk növbədə rəsmən bunu terrorçu təşkilat kimi tanısın. Ardınca terror əməliyyatlarında Türkiyə ilə birgə iştirak üçün gərəkli addımlar atsın. Bu, həm Türkiyə–Azərbaycan münasibətlərində, həm də regionda stabilliyin və terrora qarşı mübarizədə dövlətlərin birliyinin təmin olunması üçün çox vacib şərtlərdəndir.
Mən hesab edirəm ki, Türkiyə–Azərbaycan əlaqələri elə bir səviyyədədir ki, biz qardaş Türkiyənin terrorla mücadiləsində hökmən onun yanında olmalıyıq. Gərək olarsa, PKK-nın region üçün təhlükəli olduğunu bütün dünya ictimaiyyətinə çatdırmaq üçün biz həmin hərbi əməliyyatlarda Azərbaycan ordusunun iştirakına da müsbət cavab verməliyik və Türkiyə tərəfi ilə bu barədə danışıqlar başlamalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Mən də əvvəl çıxış edən deputat həmkarlarımın təkliflərini müdafiə etdiyimi bildirirəm və əlavə etmək istəyirəm ki, Türkiyə–Azərbaycan bir millət, iki dövlətdir. Lakin elə məsələlər var ki, bura təhlükəsizlik məsələləri və özəlliklə erməni təhlükəsi aiddir, Azərbaycan və Türkiyə bir millət, bir dövlət kimi hərəkət etməlidir, öz mövqelərini bu şəkildə gündəmə gətirməlidir. Bununla əlaqədar hesab edirəm ki, biz yaranmış vəziyyətdə mövcud olan və xalq tərəfindən təqdir olunan Türkiyə–Azərbaycan əməkdaşlığını daha da genişləndirməliyik. Bunun üçün Azərbaycan və Türkiyə silahlı qüvvələrinin vahid ordu şəklində taktiki və strateji hədəflərini müəyyənləşdirməliyik.
Burada İqbal Ağazadənin qaldırdığı PKK-nın terrorçu təşkilat kimi tanınması məsələsi olduqca vacib bir məsələdir. Həqiqətən də, dünyanın bir çox ölkələrinin, o cümlədən ABŞ-ın PKK-nı terrorçu təşkilat kimi tanımasına baxmayaraq, Azərbaycan bunu rəsmən elan etməyibdir. Doğrusu, bu da Azərbaycanda PKK-nın hətta siyasətə təsir imkanları barədə kütləvi informasiya vasitələrində, ictimaiyyət arasında şübhələr yaratmaya bilməz. Mən hesab etmirəm ki, bu belədir, həlledici əhəmiyyətə malikdir. Amma hər halda bizim belə bir qərar qəbul etməyimiz bu cür şübhələrə son qoyardı və bu, terrorçu təşkilata ciddi bir zərbə vurardı.
Sonda mən bəzi məsələlər üzərində dayanmaq istəyirəm. Yəni hörmətli Aydın Mirzəzadənin dediyi kimi, qeyd olunmuş məsələlərin, sadəcə, cari məsələlər olmadığını nəzərə alaraq, gündəliyə salınmasını, geniş müzakirə olunmasını və müvafiq qərarın qəbul olunmasını təklif edirəm. Belə bir məsələ daxili məsələlərimizə aiddir.
Son ayda, son günlərdə sürətlə bahalaşma gedir. Bəzi ərzaq məhsulları təkcə son 10 gündə 30–40 faiz bahalaşıbdır. Doğrusu, bu barədə iqtisadi inkişaf naziri Heydər Babayevin “mənim bundan xəbərim yoxdur, hələ bahalaşma olacaq” deməsi də əlavə narahatlıq yaradıbdır. Hesab edirəm ki, yeni ili gözləmədən bu məsələ barədə dinləmə aparılmalıdır. Hörmətli nazir və ya nazirliyin işçiləri dəvət olunmalıdır. Bu barədə Milli Məclisə, millətə izahat verməlidir.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən təkrarçılığa yol verməmək üçün konkret təkliflərlə çıxış etmək, məsələyə münasibətimi bildirmək istəyirəm. Mənə elə gəlir ki, biz Azərbaycan Respublikası Milli Məclisinin potensialından xarici siyasət məsələsində kifayət qədər istifadə edə bilmirik. Biz tez-tez Qərb ölkələrinin təcrübəsindən danışırıq. Amma Qərb dövlətlərindən öyrənməli bir məsələ var ki, bəzi mesajlar, bəzi siyasi qərarlar Milli Məclis səviyyəsində verilə bilər. Hökumətin üzərinə yük qoymadan sabah hökumətin özünün də manevr etməsi üçün şərait yaradıla bilər. Xüsusi ilə Amerika Konqresinin Alt Palatasının qəbul elədiyi bu qərara bizim münasibətimiz, məncə, bu formada verilə bilər.
Mən məsələnin detalına varmadan təklif eləmək istəyirəm ki, etiraz məktubu hazırlamaq üçün bu gün parlamentdə bir işçi qrupu yaradılsın və növbəti iclasımızda həmin etiraz məktubunu qəbul edək. Hesab edirəm ki, hamı bu məsələdə həvəslə iştirak edər. Çünki bu, olduqca vacib məsələdir. Amerika Konqresinin Alt Palatasının qəbul etdiyi qərar təkcə Türkiyəni maraqlandırmır, eyni zamanda, bizim üçün mühüm əhəmiyyət daşıyır. Çünki sabah eyni qaydada Dağlıq Qarabağın müstəqilliyini tanıması ilə bağlı belə bir qərarı eşitmək bizim üçün sürpriz olmayacaqdır.
Digər tərəfdən məni təəccübləndirən bir məsələ odur ki, biz Türkiyə ilə çox vaxt həmrəylikdən, əməkdaşlıqdan danışırıq. Bu qərar qəbul olunduqdan sonra Türkiyə özünün böyük elçisini məsləhətləşmələr aparmaq üçün Vaşinqtondan geri çağırdı. Mən hesab edirəm ki, Azərbaycan da bu cür hərəkət eləməyə borclu idi. Bu, təkcə Türkiyənin əleyhinə olan qərar deyil, eyni zamanda, bizim də əleyhimizə olan qərardır. Təbii ki, ABŞ-la bizim baş-başa gəlməyimiz bəllidir. Amma elə məsələlər var ki, orada böyük-kiçik məsələsi yoxdur. Gücün çatmırsa, ortaya xarakter qoymalısan. Mən hesab edirəm ki, Azərbaycan, heç olmasa, özü üçün gözlənilən gələcək təhlükələrə görə bu xarakteri ortaya qoymağa borclu idi.
Suriyanın Prezidenti dərhal Türkiyəyə gəldi, PKK terroruna qarşı sərhəddən o tərəfdə keçirilən əməliyyatlarda Türkiyəni dəstəkləmək barədə birmənalı qərar verdi. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi də belə bir qərar qəbul edə bilərdi ki, Türkiyənin İraqda hərbi əməliyyatlar keçirilməsinə dəstək verir. Yəni biz sabah nə isə umuruqsa, dəstək istəyiriksə, bu gün bir kağız parçası ilə dəstək verə biliriksə, bunu etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən iki kəlmə ilə bəzi sözlərə cavab vermək istəyirəm. Birincisi, Azərbaycan həmişə Türkiyənin yanındadır. Biz Türkiyə ilə qardaş ölkəyik. Bu qərar Amerika Konqresinin Aşağı Palatasının yox, Aşağı Palatasının bir komitəsinin qərarıdır. İkincisi, erməni lobbisi fəal işləyib. Bu, həmin lobbinin təsiri altında cılız hisslərə qapılmış bəzi konqresmenlərin çıxardığı bir qərardır. Ona qarşı biz də eyni üsulla cavab verməliyik.
Siz deyirsiniz ki, Milli Məclis heç bir iş görmür. Yanılırsınız. Milli Məclis böyük işlər görür. Biz Amerika Konqresi ilə də işləyirik, senatorlarla da böyük işlər görülür. Bu məsələlərə Ermənistanın işlətdiyi üsulla cavab vermək lazımdır, yoxsa boş şüarlarla yox. Azərbaycan həmişə Türkiyənin yanındadır, hər bir məsələdə Türkiyə ilə birdir. Biz Türkiyəni bütün məsələlərdə dəstəkləyirik.
Gördüyünüz kimi, artıq həm demokrat, həm də respublikaçı konqresmenlərin bir neçəsi ərizələrini geri götürüblər. Biz buna başqa cür cavab verib işləməliyik. Həqiqəti işlə, əməllə sübut etməliyik. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də müzakirə olunan məsələlərlə bağlı öz fikrimi bildirmək istəyirəm. İlk növbədə onu bildirmək istəyirəm ki, bu elə bir ciddi məsələdir ki, buna nə emosiya ilə, nə də pafosla yanaşmaq olar. Soyuq başla, sivil normaların imkan verdiyi çərçivələrdə bütün addımlar atılmalıdır. Yəni kim hansı konqresmeni tanıyırsa, ona rəsmi şəkildə öz adından müraciət yazmalıdır.
Siz bilirsiniz ki, 50 ilə yaxındır, Türkiyə Amerikanın Yaxın Şərqdə ən yaxın müttəfiqidir. Bir yerdə bütün münasibətlər aydınlaşdırılmalıdır. Ola bilər ki, bu məsələ gündəmə çıxarılıbdır və təbii ki, bunun da qarşısı alınacaqdır. Burada Azərbaycan hökuməti, dövləti, parlamenti əlindən gələn dəstəyi etməlidir. Biri başlayır ki, İraqla müharibə eləyək. Bilirsiniz, düşünüb-danışmaq lazımdır, qərar qəbul etmək lazımdır, fikirləşmək lazımdır. Təbii, burada elə adam tapılmaz ki, Türkiyənin əleyhinə olsun. Hamı Türkiyəni yaxın qardaş hesab edir. Türkiyənin siyasəti də bu günün siyasəti deyil. Osmanlı imperiyasından bu günə gələn siyasətdir. Lazımi addımlar atılacaq. Biz lazımi dəstəyimizi göstərəcəyik. Ona görə də istər mətbuatda, istərsə də ayrı-ayrı yerlərdə bunu şouya çevirib, Ermənistana ziyan vurmaq üçün yox, özünü vətənpərvər kimi cəmiyyətə sırımaqdansa, oturub bir məktub yazmaq lazımdır. Həmin məktubu konqresmenə göndərsin, vəziyyəti başa salsın.
İkincisi, Türkiyənin PKK ilə mübarizə haqqında qərarı dörd il bundan qabaq olmalı idi. Türkiyə buna qərar vermədi. Hörmətli həmkarlar, hamının yadındadır. İraq prosesi başlayanda ABŞ tərəfindən təklif olunmuşdu ki, İraqa girən qüvvələr məhz Kərkükdən, məhz həmin ərazidən, Türkiyə tərəfindən həyata keçirməlidir. Həmin məsələ Türkiyə parlamentində müzakirə olundu, yetərsay olmadı və qərar qəbul olunmadı ki, ordu ora daxil olsun. Dörd ildən sonra Türkiyə parlamenti bu qərara qayıtdı, həmin sərt qərarı yenidən düzəltməyə başladı. Hesab edirəm ki, bu məsələdə ağıllı addımlar atılmalıdır, emosional addımlar atıla bilməz. Türkiyəyə dəyən hər bir zərbə Azərbaycana dəyəcəkdir. Ona görə də bu məsələdə biz çox ciddi olmalıyıq, ağılla, səbrlə işləməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov.
Z. Əsgərov. Təşəkkür edirəm, cənab Sədr. Mən sizin diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda Milli Məclisin bir qrup deputatı – Məlahət xanım Həsənova, Siyavuş Novruzov, Tahir Süleymanov, Qüdrət Həsənquliyev və mən NATO-nun Parlament Assambleyasının 53-cü payız sessiyasında iştirak etmişik. Tədbir İslandiyanın Reykyavik şəhərində keçirilirdi. Həmin sessiyanın gündəliyinə xeyli məsələ daxil idi. Yəni NATO-ya daxil olan ölkələrdə, o cümlədən Azərbaycanda siyasi-iqtisadi islahatların gedişi prosesi, mütəşəkkil cinayətkarlığa, insan alverinə qarşı mübarizə məsələləri, narkotik vasitələrin yetişdirilməsi, satılması, onların dövriyyəsinə qarşı mübarizə məsələləri və digər məsələlər sessiyanın gündəliyində duran əsas məsələlərdən idi.
Əlbəttə, bizim üçün maraq kəsb edən əsas məsələ ondan ibarət idi ki, Assambleyanın payız sessiyasında Azərbaycanın hesabatı nəzərdə tutulmuşdur. Biz bu hesabatla bağlı əvvəlcədən məlumat almışdıq. Tələb olunurdu ki, Azərbaycanda gedən siyasi proseslərlə, iqtisadi, səhiyyə, mədəniyyət, təhsil sahələrinin vəziyyəti ilə bağlı biz hesabat hazırlayaq və məlumatlandıraq. Biz bu hesabatı hazırladıq, nümayəndə heyəti ilə birgə onu təqdim etdik. Müxtəlif çıxışlar oldu. Xüsusi ilə qeyd etməliyəm ki, bizim deputatlar fəal çıxış etdilər, suallar verdilər. NATO Parlament Assambleyasının rəhbərliyi Azərbaycanda gedən islahatlardan razılığını bildirdi. Xüsusi qeyd eləmək istəyirəm ki, NATO Parlament Assambleyasının prezidenti cənab Joze Lello özü Azərbaycanda gedən proseslərdən məlumatlı olduğunu bildirdi və Azərbaycandakı islahatlardan razılığını bildirdi. Biz onu Azərbaycana dəvət etdik və o böyük məmnuniyyətlə bu dəvəti qəbul elədi. Azərbaycanın enerji mənbələrinin Avropanın enerji təhlükəsizliyi üçün önəmli olduğu xüsusi vurğulandı.
Bu gün Avropa məkanında Azərbaycanın önəmi bu qədər artır, Azərbaycan alternativ enerji mənbəyinə çevrilir və Avropanı enerji ilə təchiz eləyə bilər. Qaz, neft və digər məsələlərlə bağlı söhbətimiz oldu. Eyni zamanda, belə bir təklif elədik ki, NATO Parlament Assambleyasının Rouz-Rout seminarı Azərbaycanda keçirilsin. Qərar qəbul olundu ki, həmin tədbir 2008-ci il mart ayının birinci ongünlüyündə Bakı şəhərində təşkil olunsun. Əlbəttə, ilk növbədə NATO Parlament Assambleyasının rəhbərliyi, həmçinin NATO-ya daxil olan ölkələrin üzvləri, müşahidəçilər həmin tədbirdə iştirak edəcəklər. Əsas məsələlərdən biri də Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlıdır. Azərbaycanda nəql olunan enerjinin, yəni neftin və qazın Avropaya nəql olunması məsələləridir. Heç kimə sirr deyil ki, Avropa bundan faydalanmaq istəyir. Biz də bunun marağındayıq ki, Azərbaycanın karbohidrogen ehtiyatları, resursları Avropa bazarlarına ixrac olunsun.
Maraq doğuran məsələlərdən biri də Təhlükəsizliyin mülki ölçüsü nəzarət komitəsində çox maraqlı bir məruzə dinlənildi. O da Azərbaycanla bağlı idi, “Qafqazda islam” adlı bir mövzuya həsr olunmuşdu. Məruzəçi xanım Şaffer Harvard Universitetinin professorudur. Yəqin, çoxlarınız onu tanıyırsınız. O, bu məsələ üzrə çox məşhur bir mütəxəssisdir. Mən çox səmimiyyətlə deməliyəm ki, xanım Şaffer çox ədalətli və obyektiv çıxış elədi. Mətbuata bu haqda məlumat verilib. Hətta mən onun bir sözünü burada təkrar eləmək istəyirəm. Xanım Şaffer çıxışında qeyd elədi ki, Amerika Birləşmiş Ştatları və Avropa ölkələri dini tolerantlığın nə olduğunu bilmək istəyirsə, Azərbaycana getsinlər. O, xüsusi qeyd elədi ki, mən birinci dəfə Azərbaycanda gördüm ki, Qafqaz Müsəlmanları İdarəsinin, yəhudi icmasının rəhbəri, rus Provaslav kilsəsinin və katolik icmasının rəhbərləri həmişə bir yerdə qardaş kimi oturub-dururlar, tədbirlər həyata keçirirlər. Doğrudan da, bu, Avropada görünməyən bir şeydir. Özü etiraf elədi ki, ilk dəfə olaraq, bunu Azərbaycanda görür və dini tolerantlığın əsil bariz nümunəsidir.
Sözsüz ki, terrorizmə, insan alverinə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələləri ciddi maraq doğururdu. Bir daha təkrar eləyirəm, bizim hörmətli deputatların, ayrı-ayrılıqda hər birimizin iştirakı ilə müxtəlif komitələrdə bu məsələlər müzakirə olunurdu. Siyasi komitədə, Təhlükəsizlik və müdafiə məsələləri komitəsində, Elm və texnologiya komitəsində, İqtisadiyyat və təhlükəsizlik komitəsində, Təhlükəsizliyin mülki ölçüsü nəzarət komitəsində terrorizmə qarşı mübarizə həmişə müzakirə olunur.
Biz də çıxışımızda qeyd elədik ki, bəli, Azərbaycan terrordan əzab çəkən, əziyyət çəkən ölkələrdən biridir. Biz erməni terrorizminin nə olduğunu zalda oturanlardan daha yaxşı bilirik. Bu gün Dağlıq Qarabağ ərazisi nəzarət olunmayan ərazidir. Həmin ərazidə narkotik maddələr yetişdirilir, Ermənistan vasitəsi ilə Avropaya ixrac olunur və həmin ixrac olunan narkotik maddələrdən əldə olunan gəlirlə Ermənistan silahlanır. Üstəlik, Rusiyanın Gürcüstandan çıxardığı bütün hərbi sursat Ermənistanda və Dağlıq Qarabağda yerləşdirilir. Hələ bunlar azmış kimi, Azərbaycanın işğal olunmuş bütün əraziləri yandırılır. Bütün bunlar hamısı faktlarla, xəritələrlə ortaya qoyuldu. Biz bir daha xahiş elədik ki, Assambleya bu məsələyə öz münasibətini bildirməlidir. Necə ola bilər ki, Avroatlantik məkanda sülhün, təhlükəsizliyin təminatçısı olan bir təşkilat bu məsələyə öz münasibətini bildirməsin? Çünki NATO-nun belə bir təcrübəsi var və Balkanlarda, habelə 1990-cı ilin əvvəllərində Küveyt–İraq müharibəsində NATO dərhal bu məsələyə münasibətini bildirdi. Amma günün günorta çağı müstəqil bir ölkənin 20 faiz ərazisi işğal olunub, 1 milyondan çox qaçqını var və orada oturan deputatların əksəriyyəti də Azərbaycanda olublar və bunu da təsdiq elədilər. Nədənsə, Assambleya bu məsələyə öz münasibətini bildirmir. Əlbəttə, bizi müdafiə edən deputatların sayı çoxdur. Mən bunu böyük məmnuniyyətlə qeyd eləmək istəyirəm. Amma biz çox istərdik ki, NATO Parlament Assambleyası bu məsələyə öz siyasi münasibətini bildirsin. Bəli, bu məsələdə Azərbaycan işğal olunan tərəfdir, Ermənistan isə işğalçı tərəfdir. Demək istəyirəm ki, bütün komitələrdə çıxışların əsas mahiyyəti bundan ibarət idi. Ümumiyyətlə, yekunda bildirmək istəyirəm ki, son illər Avropa ölkələrindən, Amerika Birləşmiş Ştatlarından olan konqresmenlərin Azərbaycana olan marağı həddindən artıq çoxalıb. Bu da başa düşüləndir. Sizin hamınız da başa düşürsünüz. Burada müxtəlif amillərlə yanaşı, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına və Avroatlantik məkana ixrac edilməsi ilə bağlı məsələlər var. Bunlar hamısı məlum məsələlərdir.
Ümumiyyətlə, Azərbaycan dövlətinin siyasi nüfuzu getdikcə artır. Yeri gəlmişkən, NATO Parlament Assambleyasının Baş katibi, NATO Parlament Assambleyasının prezidenti çıxış elədi və bizimlə söhbətində bildirdi ki, mən Azərbaycan haqqında çox şeylər bilirəm. Bilirəm ki, sizin gözəl lideriniz, çox cavan, enerjili Prezidentiniz var, Azərbaycanı çox düzgün istiqamətdə aparır və mən özüm də maraqlıyam ki, Azərbaycana gələm, onunla görüşəm. O bir daha qeyd elədi ki, son 3–4 il ərzində ümumi daxili məhsulun həcminə görə ərazi etibarı ilə o qədər də böyük olmayan bir dövlət necə olur ki, liderliyi əldə saxlayır. Biz də qeyd elədik ki, buyurun, gəlin, öz gözlərinizlə görün. Diqqətinizə görə təşəkkür eləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür eləyirəm, cənab Sədr. Amerika Birləşmiş Ştatları Konqresinin xarici əlaqələr komissiyasinin qondarma “erməni soyqırımı” ilə əlaqədar qətnamənin nə üçün qəbul edildiyi hamıya aydındır. Bununla əlaqədar, yəqin ki, uzun-uzadı danışmağa ehtiyac yoxdur. Azərbaycan Respublikasının parlamenti nə etməlidir? Bu da bəllidir. İndiyə qədər parlamentimiz “erməni soyqırımı” məsələsi harada qalxıbsa, ümumiyyətlə, Azərbaycanın maraqlarına zidd hansısa parlamentdə, hansısa ölkədə bu məsələ ilə əlaqədar əleyhimizə bir şey olubsa, biz ona dərhal reaksiya vermişik.
Mən 1995-ci ildən parlamentdəyəm və həmişə də parlamentin müsbət və vaxtında reaksiyasının şahidi olmuşam. Azərbaycan hakimiyyətinin də məsələyə münasibəti bəllidir. Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi sənəd yayıb və Konqresin xarici əlaqələr komissiyasının bu qətnamə layihəsinin müzakirəsi ərəfəsində Azərbaycanın buna qarşı olduğunu bildirib. Azərbaycan Prezidentinin də mövqeyi bəllidir. Mən düşünürəm ki, parlamentimiz də öz münasibətini bildirməlidir. Amerika Birləşmiş Ştatları Konqresinə biz bununla bağlı sənəd göndərməliyik. Həmin qətnamə layihəsinin Konqresin plenar iclasda çıxarılıb, müzakirə ediləcəyi təqdirdə onun qəbul edilməsinin ABŞ-ın Orta Şərqdə, həmçinin Qafqazda yeritdiyi siyasətə mənfi təsir göstərəcəyini, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aparılan danışıqlara mənfi təsir göstərəcəyini burada qeyd eləməliyik.
Yəni bu bizim mövqeyimizdir. Və əminəm ki, bununla bağlı başqa fikir də olmamalıdır. Düzdür, Konqresin Nümayəndələr Palatasının ümumi iclasında həmin qətnamə layihəsinin müzakirəyə çıxarılması ehtimalı çox aşağıdır. Amma düşünsək ki, bu məsələ bununla bitir, səhv etmiş olarıq. Çünki bu məsələ bitməyəcək, ermənilər növbəti dəfə buna qayıdacaq. Onlar nə qədər buna qayıdacaqsa, biz də o qədər qayıdacağıq. Təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov, sualınız var? Buyurun.
A. Həsənov. Hörmətli Sədr, yarım saata cari məsələləri çatdırmaq mümkün deyil. Mənim yeganə xahişim odur. Elə bil, bir qrup deputat çantalarına kompüter qoyub. Çoxları burada danışa bilmir. Gəlin, cari məsələlərin müzakirəsini həftənin o biri gününə qoyaq. Hamı öz fikrini desin. Kimin hansı rayonda nə dərdi varsa, çatdıra bilsin. Mənim yeganə xahişim ondan ibarətdir ki, cari məsələləri biz bu gün müzakirəyə qoymayaq. Çünki yarım saata çatdırmaq mümkün deyil. Hərə öz fikrini axıra qədər deyib qurtara bilmir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Amma məsələ ondadır ki, cari məsələlərin müzakirəsində professionallar düyməni vaxtında basırlar və əvvələ düşürlər. Düyməni gec basanlar isə axıra düşürlər. Burada mənim günahım yoxdur. Cari məsələlərin müzakirəsi yarım saatdır. İndi yarım saat bitib.
Mən hesab eləyirəm ki, gündəliyə keçmək lazımdır. Buyurun, gündəliyin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə Konstitusiya Qanunudur (ikinci səsvermə). Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, bir müddət öncə biz bu Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə müzakirələr keçirmişik. Məsələnin mahiyyəti müvəkkilin fəaliyyətini daha dəqiq müəyyənləşdirmək və icra üçün problemləri aradan qaldırmaqdır. Məlumat üçün deyə bilərəm ki, misal üçün, “Məhkəmə-hüquq Şurası haqqında” Qanunda dəyişiklik etmişik. Amma bu, Konstitusiya Qanunudur. Parlamentdə müzakirə edilib, qəbul olunub. Bu gün biz prosedur bir məsələyə baxırıq. Yəni təkrar səsvermədir. Altı ay keçdikdən sonra ikinci səsvermədir. Ona görə mən millət vəkillərindən xahiş edirəm, Konstitusiyaya uyğun olaraq, təkrar səsverməni həyata keçirək. Təbii ki, burada Konstitusiyada müəyyən olunmuş səs çoxluğuna ehtiyac var. Ona görə də mən hamınızı diqqətli olmağa dəvət edərdim. Çox sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, Konstitusiya Qanununa dəyişiklik edilir. Xahiş edirəm, yerlərinizə qayıdın. Bu qanun layihəsindəki dəyişikliyə bir əlavə yoxdur ki? Konstitusiya Qanunu 95 səslə qəbul olunmalıdır. Diqqətli olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.35 dəq.)
Lehinə 105
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi Mehriban Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqındadır. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin İqtisadi siyasət daimi komissiyası Mehriban Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi məsələsini müzakirə etmiş və yekdilliklə qərar çıxarmışdır ki, Milli Məclisdə bu məsələ səsə qoyulsun və bizim təklifimiz qəbul edilsin.
Mehriban Əlişanovanın həyat fəaliyyəti haqqında məlumatlar Milli Məclisin üzvlərinə paylanılıb. Onu qeyd etmək istərdim ki, Mehriban xanım professional iqtisadçıdır, çox böyük həyat təcrübəsinə malikdir. Uzun müddət iqtisadçı, böyük iqtisadçı, baş mühasib vəzifələrində işləyib. Eyni zamanda, bir sıra elmi tədqiqatların, monoqrafiyanın müəllifidir, iqtisad elmləri namizədidir. Son illər Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışır. Millət vəkillərindən xahiş edərdim ki, məsələyə münasibət bildirsinlər. Hazırda Hesablama Palatasının fəaliyyətində çox ciddi dəyişikliklər aparılır. Ölkənin ali maliyyə orqanı kimi orada professional iqtisadçılara ehtiyac var. Milli Məclisdən xahiş edərdim ki, bu məsələyə müsbət münasibət bildirsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Buyurun, Pənah bəy.
P.Hüseyn. Hörmətli deputatlar! Mən Mehriban xanım Əlişanovanı şəxsən tanımıram. Məlumatlarım da yalnız anket məlumatlarına əsaslanır. Amma, sözün doğrusu, bu, soyadı ilə bağlıdır. Bu yaxında Azərbaycan televiziyasında gedən bir verilişlə bağlı sual meydana çıxdı. Deməli, orada gedən verilişlərdə Milli Məclisin işinin işıqlandırılmaması ilə bağlı bizim xeyli giley-güzarımız olubdur. Amma komissiya bu məsələnin müzakirəsinə iki dəqiqə vaxt ayırmışdı... Soyadlar oxşardır. Yəni mən bilmirəm.
Yerdən. (Eşidilmir.)
P. Hüseyn. Sözün doğrusu, ola bilər, qohumluq əlaqələri var. Sözünü çıxış edib deyərsən. Hörmətli Sədr, bu nə deməkdir?
Sədrlik edən. Sakit olun, qoy danışsın.
P. Hüseyn. Bu, işin bu tərəfi. Xüsusən də televiziyada sədrin müavini olması maraqlıdır. Sözün doğrusu, ola bilər, mən səhv edirəm.
Hörmətli Sədr, keçən iclaslarda gündəliyə Hesablama Palatası haqqında yeni qanun layihəsinin müzakirəsi təklif olunmuşdu. Biz də səs verib onu təsdiq eləmişdik. Lakin çox qəribədir ki, keçmiş kolxoz iclaslarında olduğu kimi, heç kimə heç nə demədən təsdiq olunmuş gündəlik məsələdən çıxarılmışdır. Nə üçün çıxarılmışdır? Məlum olmadı. Çünki orada Hesablama Palatasının işi ilə bağlı ciddi məsələlər öz əksini tapırdı. Son dövrdə kadr dəyişiklikləri ilə bağlı mənə bir hissəsi anonim, digər hissəsi imzalı məktub daxil olubdur. Mən bilmirəm, digər deputatlara da gəlibmi? Vaxtilə Səbail rayon maliyyə şöbəsində bir məhkəmə işi vardı, o işlə məşğul olan şəxslərin kütləvi şəkildə təyin olunması barədədir. Məktub məndədir. Burada, Milli Məclisin poçtunda möhürləyib, qeydə alıb, veriblər. Nəhayət, bu məsələ mənim şəxsi məsələm deyil.
Hesablama Palatasına ilin əvvəlində sorğum olmuşdur. Həmin sorğuya əsasən mənə məlumat verilmişdir ki, Sabirabadda Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsi barədə iş araşdırılacaqdır. Su və kanalizasiya sisteminin təmirinin yaxşılaşdırılması üçün ayrılmış 1,4 milyon manat puldan söhbət gedirdi. Bu günə qədər heç bir məlumat yoxdur. Mənim şifahi müraciətlərimə isə Hesablama Palatasının yeni rəhbərliyi çox qəribə cavablar verir. Bu məsələləri də mən sizin diqqətinizə çatdırmağı lazım bildim. Yoxsa, bir daha təkrar edirəm, mənim şəxsən əleyhinə olduğum başqa bir məsələ yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Birincisi, hörmətli Pənah bəy, biz burada Hesablama Palatasının hesabatını müzakirə eləmirik. Elə birbaşa Sizin dediyiniz kimi, şəxsi məsələ kimi çıxdı. Siz soyadı soruşdunuz. Bu birinci məsələ. Yəni aydınlaşdırmaq lazım deyil. İkincisi, Azərbaycan televiziyasının Milli Məclisə münasibətinin də bura dəxli yoxdur. Azərbaycan televiziyası Milli Məclisi çox gözəl işıqlandırır. Yəqin, hamınız fikir verirsiniz. Yəni bu da artıq söhbətlərdir.
Digər tərəfdən, Hesablama Palatasının hesabatını biz gündəliyə salmışdıq. Bu çox böyük bir məsələ idi. Biz Hesablama Palatasının yeni strukturunu təsdiq eləməliyik. Yeni struktur olmalıdır. Bunun üzərində iş gedir. Bu, gündəlikdən çıxmayıb. Bu da həyata keçiriləcək. Ona görə də xahiş edirəm, belə məsələdə bir az diqqətli olaq, bir-birimizə hörmət edək. Hesablama Palatasına sorğu göndərilib? Bir kəlmə soruşuram. Sizdə belə bir sorğu olub?
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Bizə məktub daxil olub. İş planını işləyirik.
Sədrlik edən. Sağ olun. Müzakirələrə ehtiyac var? Jalə xanım, nə müzakirə edəcəksiniz? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Mehriban xanım, Sizi təbrik edirik!
Gündəliyin növbəti məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatıdır. Bilirsiniz ki, Milli Koordinatorumuz buradadır. Üzr istəyirəm. Mən görürəm ki, burada artıq 14 nəfər çıxışa yazılıb. Sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu, Milli Koordinatorun hesabatı deyil. Qanun layihəsini özümüz qəbul etmişik. Bu, Milli Kordinatorun məlumatıdır. Suallar olarsa, verərsiniz. Vilayət Eyvazov, buyurun.
V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!
Transmilli mütəşəkkil cinayətkarlığın növlərindən olan, mahiyyət etibarı ilə hər bir ölkənin təhlükəsizliyinə ciddi təhdidlər yaradan insan alveri, eyni zamanda, cəmiyyətin əsaslarını sarsıdan, insan və vətəndaş hüquqlarını ən ciddi şəkildə pozan ümumbəşəri problemlərdən biridir. Hər il dünyada təxminən 800 minə yaxın insanın bu cinayətin qurbanı, yaxud satış obyekti olması və nəticədə belə hüquqazidd fəaliyyətdən əldə edilən gəlirlərin miqyası insan alverini narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla müqayisə oluna bilən yeni təhdid obyektinə çevirmişdir.
İnsan alverinin həm də hər bir şəxsin həyatı üçün ciddi təhlükə yaratması və insan ləyaqəti ilə bir araya sığmaması baxımından ona qarşı səmərəli mübarizəni yüksək səviyyədə təşkil etmək məqsədi ilə ölkəmizin qanunvericilik bazasının beynəlxalq standartlara uyğun təkmilləşməsi üzrə həyata keçirilən islahatlar kontekstində bu sahədə də zəruri addımlar atılmışdır. Belə ki, Azərbaycan Respublikası tərəfindən 2000-ci il dekabrın 12-də imzalanan və 2003-cü il mayın 13-də qanunla təsdiq edilən BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında Protokolun, habelə 2002-ci il sentyabrın 20-də qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, dövlət başçısının 2004-cü il 6 may tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planı” təsdiq edilmişdir.
Ötən dövrdə həmin plandan irəli gələn tədbirlərin yerinə yetirilməsi məqsədi ilə Prezidentin İcra Aparatının, respublika hökumətinin və parlamentin yaxından köməkliyi sayəsində bir sıra zəruri işlər görülmüş, mövcud problemlərin həllinə, habelə ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarındakı əksər iradların aradan qaldırılmasına nail olunmuşdur. Milli fəaliyyət planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədi ilə Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət işçi qrup yaradılmış, idarələrarası məlumat mübadiləsinin aparılması təşkil edilmişdir.
İnsan alverinə qarşı mübarizədə bir sıra beynəlxalq təşkilatlar və nümayəndəliklər, habelə İnterpolun Baş Katibliyi, MDB üzvü olan ölkələrin, Amerika Birləşmiş Ştatlarının aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur. Cinayətin qurbanlarına yardım və onların təhlükəsizliyinin təmin edilməsi, reabilitasiyası ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 30-a yaxın qeyri-hökumət təşkilatları ilə əlaqə yaradılmışdır. Respublikada insan alveri cinayətlərinin baş verməsinin səbəb və şəraitini araşdırmaq, əhalinin, yerli icra nümayəndəliklərinin, bələdiyyələrin və ərazi polis orqanlarının maarifləndirilməsini təşkil etmək məqsədi ilə qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə 54 şəhər və rayonda seminar-müşavirələr, məşğələlər keçirilmişdir.
İnsan alverinə qarşı mübarizədə fəaliyyətin məqsədyönlü və müasir tələblərə uyğun təşkilində dövlət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından da istifadə olunmuşdur. İnsan alveri qurbanları üçün təhlükəsiz sığınacağın istifadəyə verilməsi, telefon yardım xətlərinin yaradılması, qurbanların geyim ləvazimatları ilə təmin edilməsi, peşəyə yiyələnməsi, öz ölkələrinə qayıtmaları, sığınacağın və idarənin əməkdaşları üçün məhz BMT-nin Qaçqınlar Komitəsinin və ATƏT-in Bakı nümayəndəliklərinin, habelə “Təmiz dünya”, “Müstəqil Hüquq Mərkəzi”, “Simmetriya” və başqa qeyri-hökumət təşkilatlarının yaxından iştirakı ilə xüsusi təlim kursları keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bakı şəhərində insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün xüsusi müəssisənin yaradılmasına ayrılmış bina Daxili İşlər Nazirliyi tərəfindən əsaslı təmir edilərək Amerikanın Azərbaycandakı səfirliyi, ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisləri rəhbərlərinin iştirakı ilə 2006-cı ilin oktyabrında istifadəyə verilmiş, sığınacaqda xidmət edən qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün təlimlər keçirilmiş, onlara müvafiq sertifikatlar təqdim olunmuş, səlahiyyət və funksiyaları müəyyən edilmişdir. Təhlükəsiz sığınacaqda insan alveri cinayətinin qurbanlarına və ehtimal olunan qurbanlara Səhiyyə və Təhsil nazirlikləri, BMT-nin Qaçqınlar Komitəsi və ATƏT-in Azərbaycandakı nümayəndələri, habelə bir sıra qeyri-hökumət təşkilatları tərəfindən pulsuz tibbi, psixoloji, hüquqi yardımlar göstərilmiş, birdəfəlik müavinətlər ödənilmişdir.
Milli Fəaliyyət Planına uyğun olaraq insan alveri cinayətlərinin qurbanlarına, həmçinin potensial qurbanlara xidmət edən və günün 24 saatı ərzində pulsuz fəaliyyət göstərən əlaqə telefonu yaradılmış, bu haqda kütləvi informasiya vasitələrinin köməkliyi ilə ictimaiyyətə məlumat verilmişdir. Sığınacaq daxilində telefon xəttinin təhlükəsizliyi, ondan istifadə edən şəxsin konfidensiallığı da təmin edilmişdir.
İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması, təhsil alması, psixoloji, tibbi və peşə reabilitasiyası, onlara hüquqi yardım göstərilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində insan alveri qurbanlarına yardım mərkəzi təşkil edilmişdir.
Milli Fəaliyyət Planında nəzərdə tutulan zəruri tədbirlərdən biri də insan alverinə qarşı mübarizənin xüsusi təlim keçmiş peşəkar polis əməkdaşları tərəfindən həyata keçirilməsi, informasiyanın vahid mərkəzdə cəmləşməsi və müəyyən edilmiş digər vəzifələrin səmərəli icrası üçün ixtisaslaşmış dövlət strukturunun yaradılması idi. Bu məqsədlə 2004-cü ildə Daxili İşlər Nazirliyinin strukturunda İnsan Alverinə Qarşı Mübarizə İdarəsi təsis edilmişdir. İdarənin fəaliyyətinin hüquqi tənzimlənməsi məqsədi ilə qısa müddət ərzində onun əsasnaməsi təsdiqlənmiş, yeni inzibati binası tikilərək müvafiq avadanlıqlarla təmin edilmişdir. Bu qurum beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə müsabiqə və şəffaflıq prinsipləri əsasında keçirilən test imtahanları nəticəsində tam tərkibdə daha hazırlıqlı və peşəkar işçilərlə komplektləşdirilmişdir. Yeni heyətin seçilməsində hər bir əməkdaşın şəxsi və işgüzar keyfiyyətləri, təhsili, professional səviyyəsi əsas götürülmüş, eləcə də onlar təkrarən xüsusi yoxlamalardan, nazirliyin həkim komissiyasından və psixofizioloji müayinədən keçirilmişdir.
İnsan alveri cinayətləri ilə mübarizədə polis əməkdaşlarının hazırlıq səviyyəsinin artırılmasına və bu istiqamətdə qabaqcıl təcrübənin öyrənilməsinə də böyük önəm verilmişdir. Əməkdaşlar Türkiyə, Almaniya, Avstriya, İtaliya, Rusiya, Gürcüstan, Qazaxıstan və Moldova dövlətlərində keçirilən seminar və konfranslarda, habelə BMT-nin “Tərəfdaşlıq proqramı” çərçivəsində Almaniya–Azərbaycan Texniki Əməkdaşlıq Cəmiyyəti, Amerikanın Azərbaycandakı səfirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı və ATƏT-in Bakı ofisi tərəfindən təşkil olunmuş təlim və treninqlərdə iştirak etmişlər.
Hörmətli millət vəkilləri, sizə məlumdur ki, Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə beynəlxalq konvensiyalara və digər sənədlərə ilk dəfə qoşulduğu 2000-ci ilədək olan dövrdə respublika qanunvericiliyində belə hüquqazidd əməli öz-özlüyündə cinayət kimi tanıyan və cəza təhdidi altında qadağan edən norma mövcud deyildi və cinayətin miqyası haqqında çox az adam respublikada məlumatlı idi. Lakin həmin ildə ölkəmizin müvafiq sənədlərə qoşulması, sonrakı dövrdə isə Milli Fəaliyyət Planının, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi, Cinayət Məcəlləsinə insan alveri, məcburi əmək və insan alverindən zərər çəkmiş şəxs haqqında konfidensial məlumatları yayma maddələrinin əlavə olunması məsələyə beynəlxalq standartlarla və təcrübə baxımından yanaşmanı təmin etmiş oldu.
Bu baxımdan “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun tətbiq edilməsi barədə ölkə Prezidentinin fərmanının tələblərinə, eləcə də Azərbaycanın beynəlxalq öhdəliklərinə müvafiq olaraq bir sıra zəruri normativ sənədlər, o cümlədən insan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət, insan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi qaydaları, insan alveri qurbanlarına kömək fondu haqqında əsasnamə hazırlanaraq Nazirlər Kabinetinin qərarları ilə 2006-cı ildə təsdiq edilmişdir.
Eyni zamanda, hökumət tərəfindən insan alverindən zərər çəkmiş şəxslərə və inteqrasiya dövründə ödənilən müavinətin məbləği müəyyənləşdirilmiş, İnsan alveri qurbanlarına yardım fondu yaradılmışdır. Həmçinin insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacağın və insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqda zərər çəkmiş şəxslərə, ehtimal olunan qurbanlara və potensial qurbanlara xidmət edən telefon xəttinin yaradılması, qurbanların müəyyən edilməsi, eləcə də insan alveri qurbanlarının dərhal və maneəsiz xüsusi polis qrupuna təhvil verilməsinə dair qaydalar hazırlanaraq icraya yönəldilmişdir.
Bütövlükdə Milli Fəaliyyət Planının qəbul olunduğu dövrdən ötən müddət ərzində respublikada insan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləşdirən və fəaliyyəti səmərəli surətdə əlaqələndirən möhkəm qanunvericilik bazası yaradılmışdır. Görülən işlər, həyata keçirilən profilaktik və əməliyyat-axtarış tədbirləri nəticəsində 2004–2006-cı illərdə və bu ilin ötən dövrü ərzində insan alveri cinayətləri ilə bağlı aşkarlanmış 689 fakt üzrə 695 şəxs məsuliyyətə cəlb olunmuş, insan alverinin qurbanı olan 273 nəfər müəyyən edilmiş, 83 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə ifşa olunmuşdur. Həmin dövrdə ictimai mənəviyyata zidd əməllərə görə 1242 nəfər haqqında inzibati məsuliyyət tədbirləri görülmüşdür.
Araşdırmalar göstərmişdir ki, insan alverinin qurbanları ölkəmizdən, əsasən, Birləşmiş Ərəb Əmirliklərinə, Pakistana, Hindistana, Türkiyəyə aparılır. Əfsuslar olsun ki, ölkəmiz hələ də beynəlxalq sənədlərdə tranzit və mənbə ölkəsi kimi qeyd olunur. Təyinat ölkələrindən olan Türkiyə, Pakistan və İran İslam Respublikası ilə əməkdaşlıq əlaqələri isə bağlanmış qarşılıqlı hüquqi yardım və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsinə aid müqavilə və sazişlər əsasında qurulmuşdur. Analoji beynəlxalq sənədin Birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları ilə də bağlanması nəzərdə tutulmuşdur.
Müvafiq tədbirlər, o cümlədən əməliyyat məlumatlarının mübadiləsi, “MDB iştirakçısı ölkələrinin 2007–2010-cu illərdə insan alverinə qarşı mübarizə üzrə Dövlətlərarası Proqramı” çərçivəsində də aparılır. Digər tərəfdən Daxili İşlər Nazirliyinin Çin, Misir, Avstriya, İran, Bolqarıstan, Latviya, Rumıniya və digər ölkələrin müvafiq qurumları ilə bağladığı ikitərəfli müqavilə və sazişlər əsasında səmərəli işlər görülür.
İnsan alverinin doğurduğu təhlükələr haqqında ictimaiyyəti maarifləndirmək və məlumatlandırmaqla əlaqədar planda nəzərdə tutulmuş daha bir vacib tədbir də diqqət mərkəzində saxlanılmışdır. Bu işdə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunmuş, insan alveri ilə bağlı cinayətlər üzrə istintaq materialları əsasında qısametrajlı filmlər nümayiş etdirilmişdir. İctimaiyyəti maraqlandıran suallarla əlaqədar insan alveri və onunla mübarizə mövzusunda idarə əməkdaşlarının iştirakı ilə verilişlər hazırlanaraq televiziya kanallarında yayımlanmış, eləcə də onlar insan alveri ilə bağlı müxtəlif mövzular üzrə seminar və dəyirmi masalarda, konfranslarda, ayrı-ayrı təhsil müəssisələrində çıxışlar etmişlər. Görülən işlər barədə məlumatlar Daxili İşlər Nazirliyinin internet saytında yerləşdirilmiş, habelə bukletlər və broşürlər hazırlanmışdır.
İnsan alverinin qarşısının alınması, bu cinayətlərin törədilməsinə şərait yaradan problemlərin həllinə yönəlmiş proqramların hazırlanması və həyata keçirilməsi məqsədi ilə tərəfimizdən xüsusi sosioloji tədqiqatlar da aparılır. Tədqiqatların nəticələrinin təhlili göstərir ki, insan alveri ticarətinin qurbanlarına əsas etibarı ilə valideynlərindən biri olmayan ailələrdə, habelə himayəsində bir və daha çox azyaşlı uşaq olan təhsilsiz, ana dilindən başqa hər hansı xarici dili bilməyən, heç bir peşənin sahibi olmayan gənc qadınlar arasında rast gəlinir. Onların əksəriyyəti tanışları, qonşuları, hətta qohumları tərəfindən yüksək maaşlı iş təklifi ilə aldadılaraq xarici ölkələrə aparılır, sonradan isə sənədləri əllərindən alınır, cinsi istismar məqsədi ilə insan alverçilərinə satılırlar.
İnsan alverinin potensial qurbanları isə avaralıqla və ya dilənçiliklə məşğul olanlar, səfil, əxlaqa zidd həyat tərzi sürənlər, narkotik vasitələrdən və psixotrop maddələrdən asılılığı olan şəxslərdir ki, bu kontingentlə də müvafiq işlər görülür. Uşaq və körpələr evlərindən övladlığa götürülmüş, qəyyumluğa, himayədar ailələrə, habelə yerli və əcnəbi vətəndaşlara övladlığa verilmiş uşaqlar haqqında, habelə Azərbaycanda və xarici ölkələrdə işlə təmin etmək üzrə vasitəçilik fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər, şirkətlər, agentliklər barədə məlumatları özündə əks etdirən vahid məlumat bazası yaradılmışdır. Cinayətkarlığın bu növü ilə mübarizəni gücləndirmək məqsədi ilə belə hüquqazidd əməllərlə məşğul olanlar, o cümlədən ölkə ərazisində fəaliyyət göstərən internat məktəblərindən və uşaq evlərindən körpələrin övladlığa götürülməsi prosesləri daim əməliyyat nəzarətində saxlanılır.
Ayrı-ayrı vaxtlarda kütləvi informasiya vasitələrində insan alveri faktlarının artmasını neqativ hal kimi göstərən şəxslərə bildirmək istəyirəm ki, 2005-ci ildə aşkar olunmuş bu növ cinayətlərin 2004-cü ilə nisbətən 27,6 faiz artaraq 159, 2006-cı ildə isə əvvəlki illə müqayisədə 24,6 faiz artaraq 211 fakt olması bu sahədə fəaliyyətin səmərəliliyinin artması, belə halların aşkarlanması işinin yaxşılaşması əməliyyat şəraitinə nəzarətin və peşəkarlığın yüksəlməsi kimi dəyərləndirilməlidir.
Respublikada insan alverinə qarşı mübarizə ilə bağlı ABŞ Dövlət Departamentinin ötən ilki hesabatında Azərbaycanın bir pillə yüksələrək ikinci qrup ölkələr siyahısına aid edilməsi görülmüş işlərin müsbət nəticəsidir. Müqayisə üçün qeyd edim ki, respublikamız Yaponiya, Yunanıstan, İsrail, Türkiyə, Rumıniya, Bolqarıstan, Estoniya və Latviya kimi ölkələrlə bir qrupda yer almış, bizimlə qonşu olan ölkələrdən Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Ermənistan isə daha aşağı ölkələr sırasına aid edilmişdir. Lakin dövlət departamentinin 2007-ci ildə yaydığı bəyanatda ölkəmizdə insan alveri qurbanlarının müəyyən edilməsi mexanizminin və onlar üçün pulsuz işləyən qaynar xəttin olmaması barədə iki əsas irad qeyd olunmuşdur.
Hələ 2006-cı ilin yanvar ayından başlayaraq müvafiq cinayətin qurbanlarına və potensial qurbanlara xidmət edən telefon əlaqəsini təmin etmək məqsədi ilə Milli Fəaliyyət Planına uyğun olaraq Daxili İşlər Nazirliyində internet saytı, İnsan Alverinə Qarşı Mübarizə İdarəsində qaynar xətt, “Təmiz dünya” qeyri-hökumət təşkilatında isə yardım telefonu yaradılmış və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bununla yanaşı, pulsuz, beynəlxalq çıxışı olan və daim fəaliyyət göstərən qaynar xəttin təşkili üçün paytaxt ərazisində mənzil ayrılmış, Daxili İşlər Nazirliyinin və ATƏT-in Bakı ofisinin köməkliyi ilə müvafiq avadanlıqla təchiz edilmiş və yaxın günlərdə istifadəyə veriləcək.
İnsan alveri qurbanlarının müəyyən olunması mexanizminə gəldikdə isə qeyd etməliyəm ki, cari ildə bu məsələlərin normativ tənzimlənməsi ilə bağlı ayrıca qaydalar hazırlanaraq artıq Nazirlər Kabinetinə təqdim olunmuşdur. Ümumilikdə, Milli Fəaliyyət Planından irəli gələn və icra müddəti 2004–2007-ci illəri əhatə edən bütün tədbirlərin yerinə yetirilməsi üçün zəruri olan təşkilati-əməli işlər görülmüş və həmin istiqamətdə fəaliyyətimiz davam etdirilir.
Hörmətli millət vəkilləri, əldə olunan uğurlarla yanaşı, bu sahədə, təbii ki, nöqsanlar, çatışmazlıqlar, həmçinin çətinliklər vardır və onların aradan qaldırılması üçün ciddi iş aparılır. Bu gün ölkəmizdə insan alverinə qarşı mübarizənin səmərəli təşkilinə dövlət, hökumət və parlament səviyyəsində göstərilən diqqət, həyata keçirilən konkret tədbirlər, qəbul edilmiş qanunvericilik aktları fəaliyyətimizin beynəlxalq təcrübəyə uyğun qurulmasına böyük imkanlar yaratmışdır.
Əlbəttə, insan alverinin qarşısının alınması yönündə görüləcək işlərimiz çoxdur. Heç bir ölkə müvafiq sahədə olan bütün problemləri təkbaşına və tam həll etmək iqtidarında deyildir. Transsərhəd xarakter daşıyan bu növ cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması vacib sahələrdən biridir. Odur ki, cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, təbliğat və maarifləndirmə işlərinin səmərəliliyinin artırılması kimi mühüm vəzifələrin yerinə yetirilməsinə bütün qüvvə və imkanlarımızı səfərbər etmişik. Bu mənada Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun olaraq, dövlətin ali məqsədi olan insan və vətəndaş hüququ və azadlıqlarının qorunması, hər bir şəxsin təhlükəsizliyinin təmin edilməsi işinə yardım edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Vilayət müəllim. Hörmətli millət vəkilləri, Milli Koordinator Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına, Milli Məclisə və ombudsmana ildə bir dəfə qəbul edilmiş qanun əsasında məlumat verir. İndi 5 nəfər suala yazılıb. Həmin suallara Vilayət Eyvazov, Daxili İşlər Nazirliyi Təşkilat İnspektor İdarəsinin rəisi Fazil Quliyev və bizim müfaviq komissiyanın sədri Rəbiyyət Aslanova cavab verə bilərlər. Məlahət Həsənova, buyurun.
M. Həsənova. Cənab Sədr, mənə imkan yaratdığınıza görə təşəkkür edirəm. XXI əsrdə dünya üçün, insanlıq üçün utanc və qara ləkə olan insan ticarətinə qarşı mübarizə aparmaq o qədər də asan deyil. Çünki hamıya məlumdur ki, silah qaçaqmalçılığı və narkobiznes kimi insan ticarəti də öz sahibinə külli miqdarda pul gətirir. Mən ona görə də bu gün Azərbaycanda dövlət səviyyəsində insan ticarətinə qarşı aparılan mübarizəni, bununla bağlı qəbul olunmuş qanunları, dövlət proqramlarını, Prezidentin sərəncam və fərmanlarını yüksək qiymətləndirirəm.
Eyni zamanda, bu gün Milli Koordinatorun parlamentdə hesabat xarakterli məlumat verməsini təqdirəlayiq hesab edirəm. Mən hesabatla tanış oldum. Mənim iki sualım var. Mən bunları hörmətli Vilayət müəllimə ünvanlamaq istəyirəm. Hesabatda göstərilir ki, Milli Fəaliyyət Planının daha səmərəli, məqsədyönlü həyata keçirilməsi üçün koordinasiyaedici işçi qrupu yaradılmışdır. Bu koordinasiyaedici işçi qrupunun tərkibində milli təhlükəsizlik nazirindən tutmuş Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarına qədər hamı nəzərə alınıbdır. Nədənsə insan ticarətinin obyekti qadın və uşaq olduğu halda həmin işçi qrupunun tərkibinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı daxil olmamışdır. Ona görə də Vilayət müəllimdən bu məsələyə aydınlıq gətirməsini xahiş edərdim. Nə üçün onlar koordinasiya şurasına belə bir mötəbər və çox gərgin fəaliyyət göstərən bir qurumun nümayəndələrini daxil etməyiblər? İkinci sualım. Burada: hesabatda qeyd olunur ki, Milli Fəaliyyət Planı dövlət səviyyəsində ayrı-ayrı qurumlar vasitəsi ilə həyata keçirilir. Eyni zamanda, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlıq edilir. Təbii ki, bu, transmilli mütəşəkkil cinayətkarlıqdır və bu belə də olmalıdır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən üç qeyri-hökumət təşkilatının adları qeyd olunur. Mənim sualım var. Azərbaycanda qeyri-hökumət təşkilatlarının böyük bir forumu var. Həmin forumun prezidenti millət vəkilidir, bizim həmkarımızdır. Bu təşkilatlar hansı prinsipə əsasən seçiliblər? Xahiş edirəm, mənim hər iki sualıma cavab verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mənə elə gəlir ki, əvvəlcə sualları versinlər, sonra Vilayət müəllim cavab verər. Aydın Həsənov, buyurun.
A. Həsənov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Vilayət müəllim, bilirsiniz ki, əsrlər boyu Azərbaycan mentalitetində evlənmək məqsədi ilə qızı qaçırırlar. İndi də bu ənənə var. Görürsən ki, bəzi valideynlər əsəbiləşir, tez ərizə yazırlar. Sonra yenə də barışırlar. Bu ən ağır maddədir. Biz necə edə bilərik ki, Azərbaycanda bu maddəni insan oğurluğu kimi qəbul etməyək? Çox ağır maddədir. 8–10 il cəza verirlər, amma o, qızı sevir, evlənir. Həbsxanada ola-ola, yenə də onlar yaşayırlar, ailə qururlar. Xahiş edirəm, bu məsələni həll edək. Bura Amerika deyil, başqa ölkə deyil. Bizim adət-ənənəmizdir. Əsrlər boyu bu olub və olacaq da. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın müəllim, biz dünyəvi dövlət qururuq. Həmin maddəni çıxarsalar, hamı bir-birini qaçırar. Elmira Axundova, buyurun.
E. Axundova. Mən, sadəcə, demək istəyirəm ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatını və ümumiyyətlə, bu sahədə respublikada görülən işləri dəstəkləyirəm. Baxmayaraq ki, Azərbaycanda bu problem o qədər də kəskin deyil. Nəzərinizə çatdırmaq istərdim ki, hətta Avropa Şurasının sənədlərində, məsələn, Cənubi Qafqazda qadınların vəziyyəti ilə bağlı məruzədə Azərbaycanda bu istiqamətdə görülən işlər yüksək dəyərləndirilir. Gürcüstana və Ermənistana nisbətən insan alverinə qarşı mübarizədə biz öndəyik. Məsələn, insan alveri qurbanları üçün reabilitasiya mərkəzləri həmin respublikalarda 2008-ci ildə yaradılacaq. Bizdə isə artıq fəaliyyət göstərirlər.
Bununla əlaqədar bir sualım var. 2006-cı ildə və 2007-ci ilin birinci yarısında həmin yardım mərkəzində neçə adam reabilitasiya keçib? Belə yardım mərkəzlərinin Azərbaycanın başqa regionlarında da yaradılmasına ehtiyac varmı? Nəyə görə bu sualı verirəm? Çünki belə bir fikir var ki, həmin reabilitasiya mərkəzləri bizim mentalitetimizə ziddir və heç bir qadın, deyilənə görə, belə mərkəzlərdə bir gün də olsa, qalmağa razı deyil. Ona görə də mənə maraqlıdır ki, onların sayı nə qədərdir? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Vasif Əliyev.
V. Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Bugünkü məlumat mənim xoşuma gəldi. Hiss olunur ki, Daxili İşlər Nazirliyi insan alverinə qarşı mübarizədə çox ciddi iş aparır. Xüsusən son dəfə televiziyada baxdığımız məlumat buna nümunədir. Ona görə də mənim hörmətli Vilayət müəllimə belə bir sualım var: İnsan alverinə qarşı mübarizə ilə bağlı televiziyada ayda ən azı iki dəfə çıxış etmək və gənclərlə görüşlər təşkil etmək üçün Daxili İşlər Nazirliyinin imkanı var, yoxsa yox? Çünki əsas məsələ xalqı maarifləndirməkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz çox diqqətlə daxili işlər nazirinin müavini Vilayət müəllimin ətraflı və dolğun məruzəsini dinlədik. Doğrudan da, bir çox məsələlər bizə aydın deyildi. İndi aydınlaşdı. Məlum oldu ki, insan alveri ilə əlaqədar 800 minə yaxın insan təsirlərə məruz qalıbdır. Bizə məlum oldu ki, 30-a yaxın qeyri-hökumət təşkilatı yaradılıb, bir sıra tədbirlər keçirilib, habelə zərər çəkənlərə yardım göstərilib. Bunların müəyyən hissəsini biz bilmirdik. Bunlar haqqında məluma-tımız oldu.
Çox qəribə haldır ki, 15 mütəşəkkil dəstə müəyyənləşdirilib, təxminən 1242 nəfər ciddi inzibati cəza alıb. Deməli, bu hadisə qloballaşmaq ərəfəsindədir. Daxili İşlər Nazirliyi bu mütəşəkkil cinayətkarlığa qarşı ciddi şəkildə mübarizə aparır. Məni maraqlandıran bir məsələdir. Daxili aparılan tədbirlər diqqətəlayiqdir. Televiziyada maarifləndirmə işi aparılır, əhali maariflənir. Lakin mən bir məsələni xüsusi qeyd etmək istəyirəm.
Bizim üçün ən böyük bəla bu işlə məşğul olan alverçilər tərəfindən həddi-büluğa çatmamış vətəndaşların yoldan çıxarılıb xaricə aparılmasıdır. İnanın ki, mən Türkiyədə olanda dəhşətə gəldim. Birləşmiş Ərəb Əmirliklərində, Dubayda, hətta Rusıyada bu cür hadisələr bizim mentalitetimiz haqqında çox pis rəy doğurur. Məni maraqlandıran odur ki, bununla nə kimi mübarizə aparılır? Birləşmiş Ərəb Əmirlikləri ilə bizim aramızda saziş bağlanıb. Ancaq xaricdə bu hadisələr azalmır, əksinə, artır. İndi fikirləşmək lazımdır. Vilayət müəllim, biz nə cür ölçü götürməliyik? Ölkə daxilində narazılıq yoxdur, ciddi mübarizə aparılır.
Mənim xahişim ondan ibarətdir ki, xaricdə insan alveri ilə əlaqədar gələcəkdə nə kimi işlər görüləcəkdir? Xahiş edirəm, məlumat verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Nizami müəllim, sualınız qurtardı? Suallar get-gedə çıxışa çevrilir. Belə getsə, suallar qurtarmayacaq. Siyavuş müəllim, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Hesabata və çıxışlara qulaq asandan sonra qeyd edə bilərəm ki, bu sahədə ciddi addımlar atılır. Məni maraqlandıran bir neçə məsələ var ki, mənə daxil olan müraciətlə əlaqədardır. Bununla bağlı ortaya sual çıxıb.
Bilirsiniz ki, bizim parlamentlərarası dostluq qrupları mövcuddur. Mən də Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Vətəndaşlar mənə müraciət edirlər. Demək, bəzi Azərbaycan vətəndaşlarının da Birləşmiş Ərəb Əmirliklərinə getməsi üçün viza sistemində çox ciddi problemlər var. Avropanın inkişaf etmiş dövləti olsa da, Birləşmiş Ərəb Əmirliklərinin “qara siyahısı” var. Həmin siyahıya biz də düşmüşük. Yəni kimliyindən asılı olmayaraq, kimsə istirahətə gedirsə, bir sıra nadürüstün ucbatından bu insanlara viza verilməsində ciddi problemlər ortaya çıxır.
Mən rəsmi qaydada məktubla oranın emiqrasiya xidmətinə müraciət etdim. Qeyd elədilər ki, sizin səfirliyə də müraciət etmişik. Bizim dövlətlər arasında ekstradisiya haqqında razılıq var. Lakin buna baxmayaraq, insan alverləri ilə məşğul olan firmalara qarşı Azərbaycan tərəfindən ciddi addım atılmır. Ünvan bəlli, ad bəlli, yerləşdiyi yer bəlli. Birləşmiş Ərəb Əmirliklərində bu addımlar atılıbdır. Kütləvi şəkildə ən böyük firmalar bu saat fəaliyyətdədir. Nizami müəllim qeyd etdi ki, kino göstərilir. İndi də göstərilir ki, bilməyənləri də başa salsınlar. Çox ciddi problemdir. Daxili işlər orqanlarının Rusiyada, Ukraynada strukturları mövcuddur. Bizim orada nümayəndəliklər var. Nədənsə Birləşmiş Ərəb Əmirliklərində belə bir qurum, nümayəndəlik mövcud deyil.
İkincisi, bu adamlar Aydan düşmürlər. Bunlar gedirlər, gəlirlər, əlaqə saxlayırlar, rabitə sistemi qururlar və sair. İndi bizim Daxili İşlər Nazirliyində belə bir idarə fəaliyyət göstərir. Rafiq müəllim də burada iştirak edir. Yəni bilavasitə bu idarənin fəaliyyətinə daxil olan bir məsələdir. Milli proqrama daxil olan məsələdir. Buna qarşı ciddi mübarizə aparılmalıdır. Bizim vətəndaşlar orada xəcalət çəkməməlidirlər. Hansı millətin təmsilçisi olduğunu soruşanda “azərbaycanlıyam” deməyə xəcalət çəkməməlidirlər. Buna qarşı mübarizənin ciddi şəkildə qoyulması hesabatda yoxdur. Mən əlavə olaraq, bu məlumatların öyrənilməsini istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sualların sayı çox oldu. Vilayət müəllim, buyurun.
V. Eyvazov. Suallara görə çox sağ olun. Məlahət xanımın iradı ilə mən razıyam ki, Ailə, qadın və uşaq problemləri ilə məşğul olan bir qurum, əfsuslar olsun ki, işçi qrupunun tərkibinə daxil edilməyibdir. Biz bu barədə Baş nazir qarşısında vəsatət qaldırarıq. Yəqin ki, bu məsələ yaxın müddətdə həll olunar.
İkinci məsələ qeyri-hökumət təşkilatlarının seçilməsi ilə əlaqədardır. Şəffaflıq prinsipi əsasında qeyri-hökumət təşkilatlarının iştirakı təmin olunubdur. Bunlar təkcə Azərbaycan dövlətinin deyil, beynəlxalq qurumların nümayəndələrinin iştirakı və tələbi ilə seçilmiş 30 qeyri-hökumət təşkilatıdır. Onlar öz nümayəndəliklərini veriblər və bizim tərəfimizdən qəbul olunublar. Onların müəyyən hissəsi ilə biz əməkdaşlıqdan dövlətçilik baxımından imtina etmişik. Amma öz işi ilə məşğul olan qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirik. Kim müraciət edərsə, onlarla əməkdaşlıq etməyə hazırıq.
Üçüncü məsələ qız qaçırılması ilə əlaqədardır. Doğru qeyd edirsiniz ki, 144-cü maddədə bu məsələ insan oğurluğu kimi nəzərdə tutulmuşdur. Lakin əgər qaçırılan qız özü könüllü gedirsə, müstəntiqə ifadə verirsə ki, mən könüllü olaraq ailə həyatı qurmaq üçün getmişəm, onda heç bir cinayət tərkibi yaranmır. Yəni biz ailə quranları adam oğurluğu kimi cinayət məsuliyyətinə cəlb etmirik.
2006 – 2007-ci illərdə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin tərkibində fəaliyyət göstərən insan alveri qurbanlarına yardım sığınacağında bu günə qədər 60 nəfər reabilitasiya olunubdur. Hazırda da insan alveri qurbanları saxlanılır. Onların kimliyi barədə, həmin yerin özü barədə biz məlumatları məxfi saxlayırıq. Düzdür, mentalitetimiz də müəyyən mənada problemlər yaradır. Yəni deportasiya olunan, insan alverinin qurbanı olmuş qadınlar həmin sığınacaqda hələ ki qalmaq istəmirlər. Amma getdikcə orada qalmaq istəyənlərin sayı artır və onların qalması üçün bütün şərait yaradılıb. Eyni vaxtda 45 nəfər həmin sığınacaqda müvafiq yardım ala bilər.
Televiziya ilə əlaqədar məsələni mən çıxışımda da qeyd etdim. Müəyyən olunmuş cinayətkar dəstələr haqqında, onların kimliyi barədə mütəmadi olaraq televiziya kanallarında, kütləvi informasiya vasitələrində məlumatlar verilir. Təbii ki, insan alverinin qurbanı olmuş şəxslər haqqında məlumatlar məxfi saxlanılır. Mən hesab etmirəm ki, biz insan alveri ilə bağlı işi kütləvi informasiya vasitələrində çox yüksək səviyyədə qurmuşuq. Müəyyən problemlər var. Amma iş görülür. Bu işin daha səmərəli olması üçün tədbirlər görürük, görəcəyik də.
Nizami müəllimin sualına cavab olaraq deyim ki, düzdür, bizim mentalitetimizdən uzaq olsa da, insan alveri qurbanlarının sayının çoxalması qeyd olundu. Niyə xarici ölkələrə aparılan qadınların sayı çoxalır? Mən çıxışımda da qeyd etdim, biz faktların çoxunu insanların aparılması kimi qəbul etməməliyik. Bu gün iqtisadiyyatımızın yüksəlməsi, yeni iş yerlərinin açılması, dövlət tərəfindən müvafiq tədbirlərin görülməsi insan alveri qurbanlarının azalmasına təsir edir. Eyni zamanda, maarifləndirmə işinin də köməyi, təsiri vardır.
Siyavuş müəllimin sualına cavab olaraq bildirim ki, Rusiyada, yaxud başqa ölkələrdə bu işin bizdən daha yaxşı qurulması ilə mən razı deyiləm. Bu, beynəlxalq qurumların hesabatlarında da öz əksini tapıb. Azərbaycan apardığı işə görə Rusiyadan və bizimlə qonşu olan digər ölkələrdən də ön siyahıda yer alıb. Bəli, ölkə Prezidentinin sərəncamı ilə artıq Birləşmiş Ərəb Əmirliklərində nümayəndənin təyin olunması haqqında sərəncamı var. Yaxın günlərdə Birləşmiş Ərəb Əmirliklərində bu istiqamətdə iş aparmaq üçün Daxili İşlər Nazirliyinin nümayəndəsi təyin ediləcəkdir. Eyni zamanda, İnterpol vasitəsi ilə bütün ölkələrdə, dövlətlərdə insan alveri cinayətləri ilə məşğul olan şəxslər insan alverinə qarşı mübarizə aparırlar. İnterpolun köməkliyi ilə bu günə qədər insan alveri cinayətinə görə axtarışda olan 17 nəfər Birləşmiş Ərəb Əmirliklərində, Türkiyədə, Pakistanda tutularaq ölkəmizə təhvil verilib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, Milli Koordinator məlumat verdi və sualları da ətraflı cavablandırdı. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.26 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqındadır. Bizim bəzi millət vəkilləri öz xahişləri ilə qruplarını dəyişirlər. Siyahı sizə verilib. Əgər etiraz yoxdursa, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqında. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2007-ci il avqustun 7-də Astana şəhərində imzalanmış Birgə Bəyannamə böyük bir paket halında bizim komissiyaya təqdim olunub. Komissiyada müzakirə olunub və bir daha vurğulanıb ki, Qazaxıstan–Azərbaycan münasibətləri xüsusi strateji əhəmiyyət kəsb edən münasibətlərdir.
Birgə Bəyannamədə göstərilən fikirlər, təklif olunan bəndlər bir daha təsdiq edir ki, Azərbaycan–Qazaxıstan münasibətləri həm Azərbaycan üçün, həm də Qazaxıstan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan tərəfi Qazaxıstanla münasibətləri bütün istiqamətlərdə yüksək səviyyədə qurmağa çalışır. Eyni meyilləri biz Qazaxıstanda da görürük. Bu çox müsbət bir məsələdir. Həm enerji daşıyıcıları, həm siyasi fəaliyyətlə, həm mədəni əlaqələrlə, həm də bizim üçün xüsusi əhəmiyyət kəsb edən Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini Qazaxıstan dəstəkləyir. Bu mövqe obyektiv və beynəlxalq qanunlar çərçivəsində olan bir mövqedir. Təbii olaraq, belə bir Bəyannamənin komissiyada müsbət qəbul olunması reallıqdır. Komissiya Milli Məclisdən xahiş edir ki, bu Bəyannamənin təsdiq edilməsinin lehinə səs versin.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Nə təklif var? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.29 dəq.)
Lehinə  81
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  81
Yetərsay yoxdur

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında” 1997-ci il 10 iyun tarixli Müqaviləyə dəyişiklik edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Bu dəyişikliyin mahiyyəti ondan ibarətdir ki...
Sədrlik edən. Əli müəllim, üzr istəyirəm, səsvermədə texniki bir anlaşılmazlıq olub. Xahiş edirəm, əvvəlki məsələyə bir daha münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Əli müəllim, buyurun, davam edin.
Ə. Hüseynov. Sağ olun. Bu müqavilədəki dəyişiklik kiçik bir texniki dəyişiklikdir. “Mərkəzi orqanlar” anlayışına aydınlıq gətirilir: “...milli qanunvericiliyə uyğun olaraq, cəza çəkmək üçün verilməsi haqqında qərar qəbul edən dövlət orqanlarıdır”. Hesab edirəm ki, burada mübahisəli bir məsələ yoxdur. 1997-ci il tarixli müqaviləyə edilən texniki dəyişiklikdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, əlavəniz varmı? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.31dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Səsvermə getdiyinə görə mən Sizə söz vermədim. Pənah bəy, buyurun, sözünüzü deyin.
P. Hüseyn. Üzr istəyirəm, Qazaxıstanda 26 balıqçı həbs olunub. Bu məsələyə birbaşa olmasa da, hər halda dolayısı aidiyyəti var. Onların qohum-əqrəbası əsas etibarı ilə Neftçala rayonundandır. Müxtəlif millət vəkillərinə, o cümlədən mənə müraciət ediblər. Xahiş edirlər ki, onların məsələsi ilə daha ciddi məşğul olmaq üçün bu fikri səsləndirək. Xarici İşlər Nazirliyinin nümayəndəsi orada bizim səfirin bu işlə məşğul olması barədə mətbuatda məlumat verib. Amma burada bizim xarici siyasətlə məşğul olan əlaqədar komissiyalardan, hörmətli Əli müəllimdən, yəni hüquq mühafizə orqanlarından və Xarici İşlər Nazirliyindən bir daha xahiş edirəm ki, bu məsələni diqqətə götürsünlər. Onların çoxu kasıb, zəhmətkeş insanlardır. Hətta qohum-əqrəbasının onların dalınca getməyə belə imkanları yoxdur. Bu məsələni, Ziyafət müəllim, Siz də nəzarətə götürün. Savab bir iş olar.
Sədrlik edən. Sağ olun. Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sənayesi müəssisələrinin istehsalat və elmi-texniki sahələrdə kooperasiyası haqqında” Sazişin təsdiq edilməsi barədədir. İcazənizlə, mən bu barədə məlumat verim.
Bu saziş Azərbaycan Respublikası ilə Qazaxıstan arasında 2007-ci il avqust ayının 7-də Astana şəhərində imzalanıb. Burada xüsusi təyinatlı məhsullar, hərbi sursat, hərbi texnika, sənədlər, iş, xidmət, əqli fəaliyyətin nəticələri, o cümlədən onlara dair müstəsna hüquqi, əqli mülkiyyət və hərbi texnika sahəsində informasiya, informasiya mühafizəsinin texniki üsullarından, həmçinin dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq, ixracın nəzarətdə saxlanan digər məhsullarından söhbət gedir. Müqavilə 10 maddədən ibarətdir.
Saziş Azərbaycan, qazax və rus dillərində imzalanıb. Hesab edirəm ki, Azərbaycanın milli maraqlarına xidmət edən bir sənəddir. Xüsusi ilə son vaxtlar bizim Qazaxıstanla münasibətlərimiz çox dinamik bir xarakter alıb. Ona görə də istərdim ki, bu məsələyə münasibətinizi bildirəsiniz. Bu məsələ Ziyad müəllimgilin komissiyasında da müzakirə olunub. Ziyad müəllim, əlavəniz varmı? Nə təklif olacaq? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 13.34 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında Birgə Bəyannamənin təsdiq edilməsi haqqındadır. Səməd müəllim, buyurun.
S. Seyidov. Sağ olun, Ziyafət müəllim. Çox vacib sənədlərdən biridir. Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında 2007-ci il avqustun 13-də Bakı şəhərində imzalanmış Birgə Bəyannamənin təsdiq olunması Azərbaycan Respublikasının maraqlarına tam uyğun gələn bir məsələdir. Son zamanlar Azərbaycan Respublikasının Orta Asiya respublikaları ilə apardığı siyasət Azərbaycanın maraqlarına ümumi şəkildə uyğun gəlir və Tacikistanla olan münasibətlərdə də bu öz əksini tapmışdır.
Tərəflər Şərq-Qərb nəqliyyatı ilə, mədəni əlaqələrlə, hətta NATO ilə bağlı proqramlarda birgə fəaliyyətin təşkil olunması ilə bağlı öz siyasətlərini ortaya qoyublar. Bu həm bizim üçün, həm də Tacikistan üçün çox vacib məsələlərdən biridir. Təbii olaraq, Azərbaycanın maraqlarına uyğun gələn bu məsələ komissiyamızda müsbət fikirlə rastlaşıb. Bu gün mən də komissiya sədri kimi sizdən xahiş edirəm, buna müsbət münasibətinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nə kimi təklif olacaq? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13. 36 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Komissiyanın sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Zıyafət müəllim, hörmətli millət vəkilləri! Artıq burada qeyd edildi ki, Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında bütün sahələrdə əməkdaşlıq genişlənir. Bu əməkdaşlığın daha da uğurla həyata keçirilməsində vacib məsələlərdən biri hər iki ölkə arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılmasıdır.
Mən dəfələrlə millət vəkillərinə ayrı-ayrı ölkələrlə bağlanan sazişlər barədə məlumat vermişəm. Sazişin zəruriliyi, heç şübhəsiz ki, ölkələr arasında iqtisadi münasibətlərin inkişafına, şəxslərin, kapitalın, malların və texnologiyaların axınına mənfi təsir edən amillərin aradan qaldırılmasına xidmət edir. Sazişin strukturu da bir növ standart xarakter daşıyır. Ona görə də millət vəkillərindən xahiş edirəm ki, bu sənədə öz müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, əlavəniz olacaqmı? Yoxdur. Nə təklif var? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında azad ticarət haqqında” Sazişin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu Saziş hər iki dövlət arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək və gücləndirmək, habelə əmtəə və xidmətlərin mübadiləsini təşviq etmək məqsədi ilə bağlanmışdır. Razılığa gələn tərəflər öz aralarında ticarət əlaqələrini inkişaf etdirmək və gücləndirmək üçün qanunvericiliyə uyğun olaraq, bir-birinə əlverişli şərtlər və rejim tətbiq edəcəklər. Bu Sazişin də strukturu beynəlxalq standartlara cavab verir. Biz dəfələrlə belə sazişlər haqında məlumat vermişik. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələyə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Müzakirəyə ehtiyac varmı? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13. 39 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Komissiyanın sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə, ikiqat vergitutmanın aradan qaldırılması barədə Saziş beynəlxalq standartlara uyğun gəlir. Bu Sazişin strukturu da digər ölkələrdəki sazişlərin strukturundan o qədər də fərqlənmir. Qatar Dövləti ilə Azərbaycan Hökuməti arasında münasibətlər inkişaf edir. Bu Saziş də həmin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xidmət edəcəkdir. Millət vəkillərindən xahiş edirəm ki, komissiyanın bu təklifinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Nə təklif edirsiniz? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədədir. Komissiyanın sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Sərmayələrin təşviqi və qorunması haqqında bu cür sazişlərin ölkələr arasında mövcud olmaması həmin ölkələrin həm xarici, həm də daxili iqtisadi münasibətlərinin inkişafına mənfi təsir edən amillərdən biridir. Bu cür çətinlikləri aradan qaldırmaq, habelə hər iki dövlətin iqtisadi münasibətlərini inkişaf etdirmək məqsədi ilə Azərbaycan ilə Qatar Dövlətinin hökumətləri arasında sərmayələrin təşviqi və qorunması haqqında imzalanan Saziş, heç şübhəsiz ki, gələcəkdə hər iki ölkə arasında xarici ticarət əlaqələrinin inkişafına təkan verəcəkdir. Sazişin strukturu beynəlxalq standartlara və hər iki dövlətin milli maraqlarına cavab verir. Ona görə də komissiyanın təklifini səsə qoymağı xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Nə kimi təklif var? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında ekstradisiya haqqında” Müqavilənin təsdiq edilməsi barədədir. Komissiya sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Bilirsiniz ki, ölkələr arasında ekstradisiya haqqında müqavilələr son dövrdə imzalanır. Təbii ki, bu münasibətlər həm də hüquq sahəsində faydalı yardımın da təmin olunmasına gətirib çıxarır. Burada məqsəd ondan ibarətdir ki, hər iki tərəfin, yəni Azərbaycan və İordaniya arasında ekstradisiya sahəsində hüquqi yardım faydalı və səmərəli olsun. Qısaca onu deyə bilərəm ki, bu müqavilə bütövlükdə ekstradisiya haqqında mövcud olan müqavilələrin müddəalarına, beynəlxalq hüquqa uyğundur. Bizim bu sahədə Qanunumuz da var və heç bir ziddiyyətli məqam yoxdur. Hesab edirəm ki, belə bir Müqavilənin imzalanması ölkələr arasında hüquqi yardım sahəsində əməkdaşlıq üçün çox faydalı ola bilər.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, əlavəniz yoxdur? Nə kimi təklif olacaq? Buyurun, münasibətinizi bildirin.


Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Komissiyanın sədri Səməd Seyidov.
S. Seyidov. Sağ olun, Ziyafət müəllim. Bu çox vacib bir Sazişdir. İki ölkə arasında əlaqələrin yaxınlaşmasına, siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafına xidmət edən bir Sazişdir. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında 2007-ci il iyulun 29-da imzalanmış bu Saziş 90 gün müddətində Azərbaycan Respublikasının vətəndaşlarının, yəni etibarlı pasportlara malik olan vətəndaşların İordaniyaya, həmçinin İordaniyanın etibarlı pasportlarına malik vətəndaşlarının Azərbaycana vizasız gəlişini təmin edir. Bu özlüyündə əlaqələrimizi möhkəmləndirən vacib bir sənəddir. Bir neçə ölkə ilə biz belə sazişləri təsdiq etmişik. İordaniya ilə belə bir Sazişin təsdiq olunması Azərbaycan Respublikasının maraqlarına tam uyğundur. Mən sizdən xahiş edirəm, belə bir Sazişin təsdiq olunmasının lehinə səs verəsiniz.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq? Buyurun, münasibətinizi bildirin.


Səsvermənin nəticələri
 (saat 13.47 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. İcazənizlə, mən məlumat verim. Bu da Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında imzalanmış Bəyannamənin və Müqavilənin ruhuna tamamilə uyğun olan bir sənəddir. Sənəd 2007-ci il iyul ayının 29-da imzalanmışdır. 11 maddədən ibarətdir. Bu sənədin əhatə dairəsi və onun işləmə mexanizmi 2-ci və 3-cü maddələrdə göstərilib.
Mən vaxtınızı almaq istəmirəm, sənədlər sizə paylanıb. Bizim dövlətin maraqlarına tamamilə uyğun olan bir sənəddir. Ona görə xahiş edirəm ki, müsbət münasibət bildirəsiniz. Nə kimi təkliflər olacaq? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədədir. Komissiyanın sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Saziş Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında beynəlxalq sərnişin və yük daşımalarının iqtisadi və hüquqi tənzimlənməsinə xidmət edərək hər iki dövlətin sərnişin daşımalarına, həmçinin hər iki dövlətin və ya onların birinin ərazisində tranzitlə, dəmir yolu, su nəqliyyatı və yük avtomobil nəqliyyatı vasitəsi ilə avtomobil yolları ilə terminaldan terminala həyata keçirilən yüklərin beynəlxalq daşımalarına şamil edilir. Saziş hər iki dövlətin iştirakçısı olduqları dövlətlərin beynəlxalq müqavilələrindən irəli gələn hüquq və öhdəliklərə toxunmur. Bu Saziş də beynəlxalq standartlara və hər iki dövlətin milli maraqlarına uyğun olaraq hazırlanmış və imzalanmışdır. Millət vəkillərindən komissiya adından bu Sazişə də müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən yoxdursa, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqındadır. Komissiyanın sədri Səməd Seyidov, buyurun.
S. Seyidov. Sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikası Prezidentinin və İran İslam Respublikası Prezidentinin 2007-ci il avqustun 21-də Bakı şəhərində imzaladıqları Birgə Bəyanat xüsusi əhəmiyyətə malikdir və bu heç kim üçün sirr deyil. Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə İran İslam Respublikası Prezidenti Azərbaycana gəlmiş və bu müddət ərzində bu Bəyanat imzalanmışdır. Azərbaycan və İran arasında ikitərəfli siyasi, iqtisadi, humanitar, mədəni və sair əlaqələrin hər iki dövlətin potensialına uyğun olaraq inkişaf etdirilməsinin zərurəti Bəyanatda öz əksini tapmışdır. Biz bu Bəyanatı ciddi təhlil etmişik. O, Azərbaycanın maraqlarına tam uyğundur. Mən həmkarlarımdan xahiş edirəm ki, bu Bəyanata müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Culfa (Azərbaycan Respublikası) – Culfa (İran İslam Respublikası) yeni avtomobil yolu körpüsünün inşa edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədədir. Komissiyanın sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hörmətli Səməd müəllim Azərbaycan–İran münasibətləri barədə ətraflı məlumat verdi. Bu Saziş də həmin strateji məqsədlərin tərkib hissələrindən biridir. Memoranduma görə tərəflər Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Araz çayının yuxarı hissəsində mövcud körpünün yanında paralel olan Culfa yeni avtomobil körpüsünün inşa edilməsi barədə razılığa gəlmişlər. Körpünün inşa edilməsi üçün Azərbaycan və İran şirkətləri arasında artıq müəyyən işlər görülür. Şübhəsiz ki, bu körpünün tikilməsi iki ölkə arasında münasibətlərin təkmilləşməsinə xidmət edəcəkdir. Milli Məclisin üzvlərindən xahiş edirəm ki, komissiyanın çıxardığı bu qərara da öz müsbət münasibətlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun. Səməd müəllim, əlavəniz yoxdur? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.54 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Şahtaxtı və Poldəşt sərhəd-keçid məntəqələrinə beynəlxalq statusun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədədir. Məlumat üçün deyim ki, sərhəd – keçid məntəqəsi cənab Prezidentin iştirakı ilə istifadəyə verilib. İndi ona beynəlxalq statusun verilməsi xahiş olunur. Səməd müəllim, buyurun.
S. Seyidov. Sağ olun, Ziyafət müəllim. Siz tamamilə haqlısınız. Bir neçə gün bundan əvvəl bu tarixi hadisə baş verdi və mənə də həmin tədbirdə iştirak etmək nəsib olmuşdur. Mən tam səmimi demək istəyirəm, orada cənab Prezident çox gözəl kəlmələr işlətdi. O qeyd etdi ki, bu gün İranda da körpülər tikilir. Bu gün yüksək templə Azərbaycanda da körpülər tikilir. Ancaq tikilmiş bu körpü və istifadəyə verilən keçid iki milləti birləşdirən bir keçiddir. Doğrudan da, bunun beynəlxalq əhəmiyyətini azaltmaq mümkün deyil. Bu çox vacib bir hadisədir. Həm siyasi nöqteyi-nəzərdən, həm də iki milləti birləşdirən bir məntəqə kimi dünyaya təqdim olunan bir körpüdür. Ona görə də belə bir Sazişin komissiyada müsbət rəylə qarşılanması təbii haldır. Hesab edirəm ki, Milli Məclis böyük əhəmiyyət kəsb edən bu Sazişə öz müsbət rəyini bildirəcək.
Sədrlik edən. Sağ olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi vasitəsi ilə çıxış edən Amerika Birləşmiş Ştatları Hökuməti arasında Qrant Müqaviləsinin təsdiq edilməsi haqqındadır. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Sağ olun. Təşəkkür edirəm, Ziyafət müəllim. İki dəqiqəyə mən çıxışımı bitirə bilməyəcəyəm.
Sədrlik edən. Onda tənəffüsdən sonra məlumat verərsiniz. Saat 4-ə qədər fasilədir.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Növbəti məsələ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi vasitəsi ilə çıxış edən Amerika Birləşmiş Ştatları Hökuməti arasında Qrant Müqaviləsinin təsdiq edilməsi haqqındadır. Valeh Ələsgərov, buyurun.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Məclis, xanımlar və cənablar! Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təsdiq olunmaq üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi vasitəsi ilə fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları Hökuməti arasında 2007-ci il avqustun 16-da Bakıda imzalanmış Qrant Müqaviləsi təqdim edilmişdir. Adı çəkilən Müqavilə Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının oktyabrın 14-də keçirilmiş iclasında müzakirə edilmiş və Milli Məclisin müzakirəsinə təqdim olunması tövsiyə edilmişdir.
Qrant Müqaviləsinin əsas məqamlarını nəzərinizə çatdırmazdan öncə bəzi əlaqədar sənədləri xatırlatmaq zəruri olardı. 2006-cı il iyunun 16-da Qazaxıstan və Azərbaycan arasında neftin Qazaxıstandan Xəzər dənizi və Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsi ilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında Müqavilə imzalanmışdır. Bununla da Transxəzər neft daşımaları layihələrinin hüquqi təməli qoyulmuşdur.
Müvafiq qurumlar arasında aparılan danışıqlar nəticəsində 2007-ci il avqustun 8-də Qazaxıstan Milli Şirkəti “Kazmunayqaz” Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Neft-qaz sahəsində strateji əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Bu Sazişin davamı olaraq, tərəflər arasında eyni tarixdə “Transxəzər layihəsi üzrə əməkdaşlıq haqqında” Memorandum da imzalanmışdır.
Adları çəkilən sənədlərdə Transxəzər neft-qaz daşımaları layihələrinin həyata keçirilməsi tərəflər arasında əməkdaşlığın əsas istiqaməti və məqsədi kimi bəyan edilmişdir. Bunu təsdiq etmək üçün bu sənədlərdən iki cümləlik çıxarışı nəzərinizə çatdırmaq istərdim. Fikrimcə, bayaq dediyim fikri təsdiq etmək yetərli olar: “Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan Respublikası ərazisindən keçməklə nəqli və tranziti, Qazaxıstan qazının Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə üçüncü ölkələrin bazarlarına nəqli və tranziti” strateji əməkdaşlığın önəmli hissəsi kimi göstərilmişdir. Bu qısa məlumatdan görünür ki, ölkəmizin rəhbərliyi, habelə müvafiq qurumlar Transxəzər layihələri ilə əlaqədar hər bir səviyyədə, hər bir istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.
Müzakirənizə təqdim edilmiş Qrant Müqaviləsi bu ardıcıl, məqsədyönlü səylərin, fəaliyyətin növbəti bir mərhələsi kimi qəbul edilməlidir. Əminəm ki, həmkarlarım təqdim edilmiş sənədlə tanışdırlar və Müqavilənin bu tipli standartlaşmış sənədlərdən bir o qədər də fərqlənmədiyini hiss ediblər. Fərq ancaq layihələrin texniki, texnoloji, coğrafi xüsusiyyətlərindən ibarətdir. Bu səbəbdən də diqqətinizə Müqavilənin ancaq əsas məqamlarını çatdırmaq yetərli olar.
Amerika Birləşmiş Ştatları Hökumətinin Ticarət və İnkişaf Agentliyinin Qrant fondundan Dövlət Neft Şirkətinə Transxəzər neft-qaz boru kəmərləri layihələrinə dair müvafiq qaydada seçilmiş podratçı tərəfindən görüləcək texniki-iqtisadi əsaslandırmanın maliyyələşdirilməsi üçün 1,7 milyon ABŞ dolları məbləğində vəsait ayrılır. Dövlət Neft Şirkəti podratçının Müqavilədə göstərilmiş qaydada rəqabətin əsas seçilməsini təmin etməlidir. Bu seçim Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi tərəfindən bəyənilib təsdiq edilərsə, Dövlət Neft Şirkəti seçilmiş podratçı ilə müvafiq müqavilə münasibətlərinə daxil ola bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və seçilmiş podratçı arasında müqavilə ancaq Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi tərəfindən bəyənilib təsdiq edildikdən sonra imzalanıb qüvvəyə minə bilər. Dövlət Neft Şirkəti və seçilmiş podratçı arasında bağlanacaq müqaviləyə Qrant Müqaviləsinin birinci əlavəsində əks olunan texniki tapşırıqlar mütləq şəkildə daxil edilməlidir. Texniki tapşırıqlar gələcək Transxəzər neft-qaz boru kəmərləri layihələrinin texniki, texnoloji, ekoloji, təhlükəsizlik, maliyyə və digər aspektlərini və göstəricilərini əhatə edir.
Müqavilə qüvvəyə minəndən və podratçı işini başlayandan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qrant Müqaviləsinin ikinci əlavəsində əksini tapmış Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyinin məcburi şərtlərinə müvafiq şəkildə podratçı tərəfindən görülən işləri əks etdirən hesab fakturaları Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyinə təqdim edərək, bu işlərin dəyərinin podratçıya ödənilməsini xahiş edir. Ödənişlər Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi tərəfindən birbaşa podratçıya edilir. Tədqiqat işlərinin önəmli bir hissəsi də region üzrə yaxın və uzaq gələcəyə neft və qaz balansının proqnozlaşdırılmasını, aşağısı 20 illik dövr üçün Transxəzər ixrac sistemləri vasitəsi ilə ixrac oluna bilən neft və qaz həcmlərinin dəyərlənməsini, bu həcmlərin daşınmasını təmin edə biləcək kəmərlərin, qurğuların, başqa texniki vasitələrin genişləndirilməsini, yenidən qurulmasını, yenidən inşasını, o cümlədən mövcud boru kəmərinin genişləndirilməsini, bunlar yetərli olmasa, yeni boru xətlərinin inşasını və bunlarla əlaqədar başqa məsələlərin də təhlilini, dəyərləndirilməsini və əsaslandırılmasını əhatə edir.
Qrant Müqaviləsi çərçivəsində həyata keçiriləcək texniki-iqtisadi əsaslandırmanın tamamlanması 2009-cu ilin iyun ayına proqnozlaşdırılır. Sözsüz ki, belə bir texniki-iqtisadi əsaslandırmanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də maliyyələşdirib özü və ya “Kazmunayqaz” ilə birlikdə təşkil edə bilərdi. Ancaq bu Qrant Müqaviləsinin önəmi ondan ibarətdir ki, Transxəzər layihələrinə siyasi dəstək verilir. Mən inanıram ki, belə siyasi dəstək ancaq sözdə yox, bundan sonra sənədlərdə də daha geniş şəkildə özünü göstərəcəkdir.
Qrant Müqaviləsi çərçivəsində keçirilən işlər Transxəzər boru kəmərləri layihələrinin praktiki əsaslarını qoyur. Bununla yanaşı, Azərbaycan və onun müvafiq qurumları öz tədbirlərini görəcək və bunların hamısının nəticəsi bir gün reallaşan, işləyən layihələr olacaqdır. Bakı–Tbilisi–Supsa layihəsi kimi, Bakı–Tbilisi–Ceyhan layihəsi kimi, Bakı–Tbilisi–Ərzurum layihəsi kimi, inşallah, Bakı–Tbilisi–Kars layihəsi kimi Transxəzər layihələri də bir gün reallaşıb işləyəcəkdir. Nəticədə Azərbaycanın həm regionda, həm Avrasiya məkanında, həm də beynəlxalq siyasətdə və iqtisadiyyatda gedən proseslərə təsir imkanları artır, ölkəmizin bütün sahələrdə inkişafı üçün yeni imkanlar açılır. Mən əminəm ki, təqdim olunmuş müqaviləni birmənalı dəstəkləyəcək və lehinə səs verib təsdiqləyəcəksınız. Təşəkkür edirəm. Lazım bilmədim ki, geniş şəkildə izah edim, çünki oxumusunuz. Ona görə də xahişim, təklifim ondan ibarətdir ki, səs verək və təsdiq edək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə  83
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  84
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarına əlavə edilməsi barədədir. Milli Məclis Sədrinin birinci  müavini Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, 2002-ci il noyabr ayının 15-də Azərbaycan Silahlı Qüvvələrinin bir taqımı Türkiyə Silahlı Qüvvələri tərkibində NATO strukturlarının komandanlığı altında Əfqanıstanda sülhməramlı missiyada iştirak edib. Bununla əlaqədar o vaxt qərar qəbul edib. NATO rəhbərliyinin müraciəti əsas götürülərək möhtərəm cənab Prezident tərəfindən belə bir qanun layihəsi daxil olub ki, həmin taqım iki dəfə artırılsın. Yəni hazırda Əfqanıstanda bizim taqım Türkiyə Silahlı Qüvvələrinin tərkibində mülki obyektlərin mühafizəsini həyata keçirir. Təklif olunur ki, onların sayı iki dəfə artırılsın. Bunların sayı o qədər də çox deyil. Əgər iki dəfə artırsaq, təxminən 45–46 nəfər əsgər olacaq. Ona görə də mən xahiş edirəm, bu qanun layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə  86
Əleyhinə  2
Bitərəf  1
Səs vermədi  1
İştirak edir  90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə məsələyə iki komissiyada baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Sizin də qeyd etdiyiniz kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun tətbiqi ilə bağlı bir neçə qanuna dəyişikliklər edirik. İlk növbədə İnzibati Xətalar Məcəlləsinə edilən əlavəni diqqətinizə çatdırmaq istəyirəm. Bu bizim komissiyamızda müzakirə olunub. Əmanətlərin sığortalanması qaydalarının pozulmasına görə məsuliyyət müəyyənləşdirilir. Çünki “Əmanətlərin sığortalanması haqqında” Qanunda belə bir müddəa var idi ki, bu Qanunun pozulmasına görə məsuliyyət inzibati qaydada müəyyənləşdiriləcək. Vəzifəli şəxslərin şərti maliyyə vahidinin 90 misli miqdarına qədər cərimə olunması təklif olunur. Hesab edirəm ki, bu, tamamilə düzgün təklifdir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun tətbiqi ilə əlaqədardır. Buna səs vermək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanuna dəyişikliklərin və əlavələrin edilməsi bir sıra digər qanunlarla bağlıdır. 2001-ci il iyunun 17-də möhtərəm Prezidentimizin Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası haqqında xüsusi sərəncamı olub. Digər sənədlər qəbul olunub ki, bu sənədlər sonradan bayaq söylədiyim Qanuna əlavələrin və dəyişikliklərin edilməsini zəruri etmişdir. Bu dəyişiklikləri üç sistemə bölmək, üç cür qruplaşdırmaq olar.
Birincisi, texniki dəyişikliklərdir. Bu sizə paylanan layihələrdə var. İkincisi, mövcud maddələrin yeni redaksiyada verilməsidir. Bu da sizə paylanan sənədlərdə var. Üçüncüsü, bəzi maddələrin əlavə edilməsidir. Burada, əsasən, fərdi uçot kartının itirilməsi ilə bağlı məsələlər, fərdi uçot kartının verilməsi, həmçinin kart itirildiyi halda hüquqi normalar müəyyənləşdirilir. Bunların hamısı dediyimiz əlavə və dəyişikliklərdə ehtiva olunur. Bütövlükdə göstərilən əlavə və dəyişikliklər adamların sosial müdafiəsini daha da gücləndirən məqamlardır. Odur ki, deputat həmkarlarımdan xahiş edirəm, bu dəyişiklik və əlavələrə səs versinlər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.21 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  92
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Rafael Hüseynov, buyurun.
R. Hüseynov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyası sədrinin müavini.
Cənab Prezidentin imzası ilə daxil olmuş sənəddə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində dəyişiklik nəzərdə tutulur. Bu sənəd ölkədə mədəniyyətin inkişafına göstərilən qayğının təzahürüdür. Həmin qanunun 22-ci mad-dəsi “Abidə qoruqlarının yaradılması” adlanır. Bəllidir ki, istənilən qanun kifayət qədər lakonik olmalı, az sözlə dərin məna ifadə etməlidir. Təklif olunan dəyişiklik də qanunun bu maddəsinin cilalanmasına yönəlib. Qanunun bu maddəsinin icrasında müəyyən maneəni aradan götürür.
Maddənin köhnə variantında göstərilirdi ki, xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər elmi tədqiqat müəssisələrinin tövsiyəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoruq elan edilir. Lakin təklif olunan düzəliş “elmi tədqiqat müəssisələrinin tövsiyəsi ilə” ifadəsini aradan götürür. Çünki istər-istəməz bu, müəyyən mənada maneəyə çevrilirdi. Elmi tədqiqat müəssisələrinin bəzən araşdırma faktı ilə əlaqədar ortaya çıxan mübahisələri qoruqların yaranmasında ləngiməyə səbəb olurdu. İndiki halda isə bu hissənin həmin maddədən götürülməsi maneəni aradan götürür. Təklif olunan dəyişiklik Mədəniyyət məsələləri daimi komissiyasında müzakirə edilmiş, müsbət rəy verilmişdir. Düşünürəm ki, Milli Məclis də müsbət münasibət bildirəcəkdir.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Ayrı-ayrı qoruqların elan edilməsi geniş müzakirələrdən keçir. Bu günə qədər hansısa qoruğun elan edilməsində ciddi bir maneə yaranmamışdır. Lakin qoruqların elan edilməsində məhz elmi tədqiqat müəssisələrinin ayrı-ayrı mütəxəssisləri arasında olan müəyyən fikir ayrılıqları bəzən belə məsələlərin ləngiməsinə gətirib çıxarır. Hələ sovet dövründə də bu cür faktlar vardı. Ona görə də düşünürəm ki, bu hissənin maddədən götürülməsi gələcəkdə qoruqların elan edilməsi məsələsində daha əlverişli bir şəraitin yaranmasına meydan açır.
Sədrlik edən. Çox sağ olun. Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova. Çox sağ olun, hörmətli Sədr. Mən Rafael müəllimə bir sual vermək istərdim. “Elmi tədqiqat müəssisələrinin tövsiyəsi ilə” sözlərinin çıxarılmasının məntiqini mən başa düşə bilmirəm. Çünki mədəniyyət abidəsinin tarixiliyinin sübut edilməsi, onun Azərbaycan tarixində yeri, rolu bu və ya digər elmi tədqiqat müəssisəsi tərəfindən ortaya qoyulur. Gəlin, baxaq. Bu gün Azərbaycanda 400-dən artıq müqəddəs yer var, dini obyekt var. Onların əsl mahiyyətini ortaya çıxarmaq lazımdır. Bu, təkcə müqəddəs yer deyil, həm də bir tarixi abidədir. Tutaq ki, bura vaxtı ilə xalq arasında hörməti olmuş bir şəxsiyyətin uyuduğu yerdir. Bunun ortaya qoyulması nə qədər vacib şərtdir?
Yaxud hər hansı digər bir qoruğun, abidənin üzərində işləyən alimlərimiz, tarixçilərimiz var. Adi bir daşın üzərindəki yazıları oxuyub ortaya çıxarmaq üçün minlərlə alim işləyir, çalışır. Onların heç birinin tədqiqatlarının əhəmiyyəti yoxdur? Bu, elmi tədqiqat müəssisələrinin fəaliyyətinin üzərindən xətt çəkilməsi deməkdir. Onda bu elmi tədqiqat işləri nəyə lazımdır? Hesab edirəm ki, bunun çıxarılması qətiyyən məntiqə söykənmir. Əksinə, bu gün Azərbaycanda olan hər bir tarixi abidənin öyrənilməsi üçün onların məsuliyyətini bir qədər də artırmaq lazımdır.
Sədrlik edən. Gövhər xanım, buyurun.
G. Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən də bu məsələdə Rəbiyyət xanımla razıyam. Biz həmişə elmin tədqiqi xarakterindən danışırıq. Biz bu ifadəni buradan götürsək, elmin hansı tədqiqi xarakterindən danışmaq olar? Bu çox vacib bir ifadədir. Mən hesab edirəm ki, əgər biz qoruq məsələsinə elmi cəhətdən yanaşmaq istəyiriksə, ifadə burada qalmalıdır, çıxarılmamalıdır. Yəni bu, ümumi işin xeyrinədir. Bütövlükdə bütün xalqın xeyrinədir ki, alimlər öz rəylərini versinlər. Bu, mütləq qalmalıdır. Mən başa düşmürəm, hansı məntiqlə bunu çıxarırlar. Hansısa qoruq haqqında alimlərin fikirləri üst-üstə düşməyib? Hər halda mən belə hal bilmirəm. Sağ olun.
Sədrlik edən. Cavanşir Paşazadə, buyurun.
C. Paşazadə. Rəbiyyət xanım öz çıxışında bildirdi ki, bütün qoruqlarda elmi idarələr var. Həmin elmi idarələr bu gün də fəaliyyət göstərirlər. Onlar qoruqların və digər müəssisələrin nəzdində yaradılıb. Belə çıxır ki, həmin elmi idarələrin heç birinin önəmi qalmır və onlar hamısı ləğv olunmalıdırlar. Bunlar necə olacaq?
Sədrlik edən. Nizami Xudiyevin də sualı var.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Məni də çox maraqlandırdı ki, nə səbəbə elmi tədqiqat müəssisələrinin adının çıxarılması ciddi əlavə və dəyişikliklərə səbəb olub? Burada çıxış edən yoldaşların fikirləri ilə mən tamamilə razıyam. Rafael müəllim də gözəl tədqiqatçıdır. Bilir ki, elmi tədqiqat müəssisələrinin rəyi, qərarı olmadan hər yeri qoruq elan etmək düzgün deyil. Ona qalsa, Azərbaycan ərazisi tarixən mövcud olan bir torpaqdır, karvan yollarının kəsişməsindədir. O qədər abidələr var ki. Lakin bu abidələrin hansı tarixi əhəmiyyətə malikdir? Hansını, doğrudan da, qoruq kimi saxlamağa ehtiyac var? Məsələn, bir yerdə pir varsa, icra hakimiyyəti deyəcək ki, bu piri qoruq elan edək. Ona görə də burada mütəxəssislərin rəyinə ciddi ehtiyac var. Elmi tədqiqat müəssisələrinin adını oradan çıxarmaq elmi cəhətdən düzgün deyil. Rafael müəllim özü də tədqiqatçıdır, onun şəxsi fikrini də bilmək maraqlı olardı.
Sədrlik edən. Rafael Hüseynov, buyurun.
R. Hüseynov. Düşünürəm ki, hər hansı mübahisəyə əsas yoxdur. Bu, qoruqların elan edilməsinin qarşısını alan düzəliş deyil. Əksinə, qoruqları yaratmaq şəbəkəsini bir qədər də genişləndirməyə xidmət edən düzəlişdir. Ona görə də düşünürəm ki, ilk növbədə məhz mədəniyyətə qayğını nəzərdə tutur.
İkincisi, hər hansı qoruğun elan edilməsi heç vaxt hər hansı bir elmi tədqiqat işi, ilkin müşahidə, müayinə aparılmadan elan olunmur. Adətən, bu məsələlərlə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur. Həmin nazirliyin nəzdində isə bu məsələləri araşdıran xüsusi şöbə var. Burada kifayət qədər səviyyəli mütəxəssislər işləyirlər. İstənilən məsələ ortaya çıxdıqda onlar mütləq elmi tədqiqa institutlarına, ayrı-ayrı alimlərə müraciət edirlər, müzakirələr keçirirlər. Sadəcə, bu düzəlişin ortaya qoyulmasında məqsəd ondan ibarətdir ki, həmin düzəlişi həyata keçirən, icra edən, ortaya qoyan müvafiq icra hakimiyyəti, konkret halda Mədəniyyət və Turizm Nazirliyi hər hansı bir elmi strukturun rəyindən asılı olmasın. Həmin rəy onsuz da olacaq. Sadəcə, köhnə variantda elmi tədqiqat müəssisələrinin bu problemlə bağlı hökm verməsi nəzərdə tutulurdu, ondan asılılıq ortaya çıxırdı. Məhz həmin asılılıq aradan götürülür. Elmi tədqiqat müəssisələrinin, ayrı-ayrı arxeoloqların, etnoqrafların, tarixçilərin bu məsələdə rəyi onsuz da nəzərə alınır.
Sədrlik edən. Çox sağ olun. Hesab edirəm ki, suallara normal cavab verildi. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.32 dəq.)
Lehinə  78
Əleyhinə  9
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  88
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təklif olunan əlavə və dəyişikliklər İnzibati Xətalar Məcəlləsi ilə bağlıdır. Burada ilk baxışdan bir neçə sözün əlavə olunması nəzərdə tutulur. Amma istərdim ki, bu məsələlərə bir qədər aydınlıq gətirim.
Son dövrdə araşdırmalar göstərir ki, respublikanın müxtəlif regionlarında, o cümlədən Bakı şəhərində də dilənçiliklə məşğul olanların əksəriyyəti məsuliyyətdən yayınmaqdan ötrü özləri haqqında düzgün məlumat vermirlər. Əksər hallarda onların şəxsiyyətini təsdiq edən sənədlər də olmur. Təbii ki, şəxsiyyəti təsdiq edən sənədlərin olmaması məhkəmələrdə inzibati xətalarla bağlı müvafiq işlərə baxılmasını istisna edir.
Bizim qanunvericilikdə 307.1-ci maddə mövcuddur. Maddənin dispozisiyasında qeyd olunub ki, avaralıqla məşğul olduqda vətəndaşa xəbərdarlıq edilir. Xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 günə qədər müddətdə inzibati həbs tətbiq edilir. 10 günə qədər inzibati həbsin tətbiqi bizim qanunvericilikdə nəzərdə tutulub. Amma İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinin 2-ci bəndi bunu tətbiq etməyə imkan vermir. Yəni İnzibati Xətalar Məcəlləsinin iki norması arasında ziddiyyət mövcuddur. Təklif də ondan ibarətdir ki, bu söz 399.2-ci maddəyə də salınsın. Yəni faktiki olaraq xüsusi hissədə verilmiş inzibati həbslə bağlı müddəa 399.2-ci maddəyə də köçürülsün. Əks təqdirdə burada ziddiyyət mövcuddur və müvafiq dövlət orqanları tədbir görə bilmirlər. Yəni qanunun onlara verdiyi imkanı tətbiq edə bilmirlər. Məsələnin mahiyyəti bununla bağlıdır. Hesab edirəm ki, bu, tamamilə doğrudur.
Statistik bir məlumatı da deyə bilərəm ki, Daxili İşlər Nazirliyi tərəfindən təkcə son 7 ay ərzində Bakı şəhərində dilənçiliklə məşğul olan 1401 nəfər saxlanılmışdır. Təbii ki, bizim hamımız maraqlıyıq ki, hüquqa zidd əməllərlə məşğul olan vətəndaşlar doğru yola dəvət olunsun, müəyyən hallarda məsuliyyətə cəlb olunsun. Bunun üçün hüquqi baza yaratmalıyıq. Ona görə də hesab edirəm ki, cənab Prezident tərəfindən təklif olunmuş əlavə və dəyişikliklər yerindədir və buna səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov, buyurun.
V. Əhmədov. Çox sağ olun. Əli müəllimə mənim biz sualım var. Avaralıqla məşğul olmağın bir ölçüsü var, ya yox? Ümumiyyətlə, “avaralıq” nə deməkdir? Təxminən 1 milyondan çox azərbaycanlı Rusiyada, Ukraynada və digər ölkələrdə çalışır. Bunların faktiki olaraq əllərində sənədləri yoxdur. Belə bir maddəni İnzibati Xətalar Məcəlləsinə daxil ediriksə, sabah onlar Azərbaycan ərazisinə daxil olanda istənilən vaxt onları saxlayıb deyə bilərik ki, sən avarasan, heç yerdə işləmirsən, heç nə ilə məşğul olmursan və biz səni mütləq məsuliyyətə cəlb etməliyik. Ona görə də mən istərdim, bu barədə izahat verilsin ki, sabah narazılıq yaranmasın.
Sədrlik edən. Vahid müəllim, indi izahat verilər. Amma artıq Rusiyada işləyənlərin hamısı müqavilə ilə işləyir. Müqaviləsiz işləmək orada da çətin olub. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Təbii ki, bizim qanunvericilikdə bu anlayış verilib, izahat verilib. Yəqin, yadınızdadır, sovet qanunvericiliyində də var idi, amma başqa məna kəsb edirdi.
İnzibati Xətalar Məcəlləsinin 307.1-ci maddəsinin anlayışını deyə bilərəm: mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər. Burada heç bir halda Rusiyada, başqa ölkələrdə hər hansı bir fəaliyyətlə məşğul olan vətəndaşlardan söhbət getmir. Elə bir vətəndaş ola bilər ki, o işləmək istəmir, işlə məşğul olmur. Bu onun öz işidir. Söhbət burada xırda oğurluq və dilənçiliklə məşğul olan şəxslərdən gedir. İnzibati qaydada tutma müddətlərinə etdiyimiz düzəlişin yeganə bir məqsədi var. Belə hal olduqda müvafiq dövlət orqanları, polis orqanları onların şəxsiyyətini düzgün araşdırmaq tədbirləri həyata keçirə bilsinlər. Bu gün mexanizm mövcud deyil. Yəni kimsə dilənçiliklə və ya xırda oğurluqla məşğuldur. Bu gün İnzibati Xətalar Məcəlləsinin müddəasına görə onu 3 saatdan artıq saxlaya və 3 saat ərzində onun şəxsiyyətini müəyyən edə bilmirlər. Söhbət ancaq onun şəxsiyyətini müəyyən etməkdən gedir. Burada heç bir halda polis orqanları və digər orqanlar tərəfindən başqa şəxslərə təhdidlər ola bilməz, çünki qanunvericilikdə anlayış verilib. Mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslərdən söhbət gedir.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik Cinayət Məcəlləsinin 259-cu maddəsinin yeni redaksiyada verilməsi ilə əlaqədardır. Mən qısa bir arayış vermək istəyirəm. Bu, ağacların qanunsuz kəsilməsi ilə bağlı maddədir. Bizim qanunvericilikdə bunun üçün nəzərdə tutulmuş sanksiya mövcud olub. 2000-ci ilin əvvəllərində biz bu məsələyə qayıtmışdıq və sanksiyanı bir qədər artırdıq. Yəni 1 il yarıma qədər azadlıqdan məhrumetmə cəzası tətbiq etməklə sanksiya ağırlaşdırıldı.
Təklif olunan yeni redaksiyanın mahiyyəti iki məqamdan ibarətdir. Birincisi, dispozisiya dəqiqləşdirilməlidir. Yəni əvvəlki dispozisiyadan fərqli olaraq bu gün meşə fondunda olmayan ağacların kəsilməsi artıq cinayət məsuliyyəti yaradan haldır.
İkincisi, “külli miqdarda” anlayışı verilir və xüsusi bənddə göstərilir. Külli miqdar da məsuliyyəti ağırlaşdırır, yəni nəticə etibarı ilə 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Amma tamamilə düzgün olaraq təşəbbüs irəli sürülərkən əvvəlki variantda olduğu kimi, qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən meşələr yox, bütövlükdə meşələr nəzərdə tutulur. Yəni bütün ağacların qorunması nəzərdə tutulur. Bu baxımdan dəyişiklik əhəmiyyətlidir.
Qısa bir statistik məlumatı da demək istəyirəm. Bu Qanuna sonuncu dəfə 2001-ci ildə dəyişiklik etmişdik. Bu maddə üzrə 2002-ci ildə 34 cinayət faktı olub. 2003-cü ildə bir qədər azalıb, amma ondan sonra daim artmağa meyilli olub. Həmin dövrdə sanksiyanın artırılmasına baxmayaraq, 2006-cı ildə 36 cinayət faktı qeydə alınıb. Biz hamımız başa düşürük ki, bu gün ölkəmiz iqtisadi inkişafdadır. Eyni zamanda, çox təəssüf ki, bəzən ekologiyaya müəyyən zərbələr vurulur. Belə sanksiyalar, heç olmasa, insanları, vəzifəli şəxsləri bu hallardan çəkindirməyə xidmət edəcək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan məsələ ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Düzdür, biz bu sanksiyaları artırmaqla daha da ağırlaşdırırıq. Ümumiyyətlə, təbıətin, ağacların qorunması, yaşıllığın qorunması vacibdir. Bu bizim ölkə üçün çox vacib olan məsələlərdən biridir.
Bir məsələyə də toxunmaq istəyirəm. Gələcəkdə biz bunu müzakirə obyektinə çıxara bilərik. Yəni hər ağac qorunma obyekti ola bilməz. Elə ağac var ki, çoxdan kəsilməlidir. Xəstəlik yayır, digər ağaclara ziyan yetirir. Yaxud bunun müəyyənləşdirilməsi prosesi bizdə qeyri-dəqiq şəkildə gedir. Yəni bununla bağlı geniş müzakirəyə ehtiyac var. Meşə var ki, ucdantutma xəstədir. Bu meşə doğranmalıdır, əvəzinə yenisi salınmalıdır.
Məsələn, Almaniyada hər bir ağacın nömrəsi var. Üstünə nömrəsi vurulub. Nömrəyə baxırsan, kataloqda tapırsan. Ağacın neçənci ildə əkildiyi orda göstərilib. Bizdə görürsən ki, bir ağacı çıxarırlar, yerində palma əkirlər. Ümumiyyətlə, palmanın Azərbaycana dəxli yoxdur. Baxırsan ki, Böyük Britaniyada palıd ağacları, çinar ağacları əkilir. Bizdə isə palma əkirlər. Yəni bununla bağlı düzgün müəyyənləşdirmə olmalıdır. Ondan sonra biz deməliyik ki, bu, ağırlaşdırılsın və ya yüngülləşdirilsin. Yaxud elə ağaclar var ki, insan səhhəti üçün ziyanlıdır. Bu kəsilməlidir. Yəni bunlar hamısı kompleks şəkildə müəyyənləşdirilməlidir. Tutalım ki, biz bunu müəyyənləşdirdik. Çinar ağacı var ki, 300 il yaşı var. Biri getdi, onu baltaladı, 500 manat ödədi. Bu onu əvəz edəcəkmi? Ona görə də bu məsələyə kompleks şəkildə yanaşılmalıdır.
Bu məsələ İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin mövzusu olduğuna görə, gələcəkdə buna baxılmalıdır. Azərbaycan meşələrinin qorunması vacibdir. Amma bəzən meşə olmayan yerdə gedib meşə salırlar. Bir Allah bilir, harada meşə salınmalıdır. Tutalım, Mərəzənin düzündə nə qədər istəsən də meşə sala bilməyəcəksən. Bu, mümkün deyil. Bunu hamı bilir. Harada meşə təbii olaraq artırsa, bunu salmalıyıq. Amma biz indi tamamilə bu məsələləri tərsinə qoyub, nə qədər bu maddələri ağırlaşdırsaq da, bu, mümkün ola bilməz. Ona görə də mən hesab edirəm ki, buna kompleks şəkildə hazırlaşmalıyıq. Bu sahədə bizim komissiya var. Həmin komissiya da qanun layihəsi hazırlamalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş müəllim, dediklərinizin çoxu ilə razıyam. Amma qeyd etmək istəyirəm ki, oazisi səhrada da yaratmaq olar. İnsan istəsə, hər yerdə meşə sala bilər. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Mən Azərbaycanın cinayət qanunvericiliyinə ağacların qanunsuz kəsilməsinə görə sanksiyanın gətirilməsini çox mühüm bir məsələ hesab edirəm. Bilirsiniz ki, ictimaiyyət baş verən proseslərdən çox ciddi şəkildə narahatdır: istər şəhərdə, istərsə də meşələrdə külli miqdarda ağacların qırılması davam edir. Həqiqətən də, böyük bir ekoloji təhlükəyə çevrilmişdir. Bunun dəhşətli nəticələrini biz Türkiyədə, habelə başqa ölkələrdə müşahidə etmişik.
Mənə elə gəlir ki, bu, təkcə ekoloji təhlükə məsələsi deyil. Bu çox ciddi humanitar bir məsələdir, çünki bu ağacları canlı hesab edirəm. Ona görə də özünü məhkəmədə müdafiə etmək qabiliyyəti olmayan həmin canlı varlıqları müdafiə etmək biz insanların borcudur. Mən diqqəti məsələnin hüquqi tərəfinə gətırmək istəyirəm. Mənə elə gəlir ki, burada qeyri-müəyyənliklər var, səliqəsizlik var. Məsələn, burada yazılır: “meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi...” Əli müəllim buna belə bir tövsif verdi ki, bu, ümumiyyətlə, hər cür ağacın və kolun kəsilməsidir. Məsələn, deyək ki, rayon yerində və ya kənddə mən bir meyvə ağacı əkmişəm. Mənim şəxsi mülkiyyətimdədir. Mən bu və ya digər səbəbdən bunu kəsib, yerində yeni ağac əkirəm. Əgər Əli müəllimin dediyi kimi olsa, qeyri-müəyyən vəziyyət yaranacaqdır. Ona görə də buna bir dəqiqlik gətirilməlidir. Bu çox vacib məsələdir. Yoxsa, bu qarışıqlığa səbəb ola bilər.
İkincisi kolluq məsələsi ilə bağlıdır. Əlbəttə, bizim Qırmızı kitabda da qorunan kollar, bitkilər var. Amma əkin sahələri üçün müəyyən yerlər nizama salınır və istifadə olunur. Belə çıxır ki, istənilən bir kolu və ya ağacı kəsdikdə cinayət məsuliyyəti prosesi yaranacaq. Sizi inandırıram ki, olduqca qəribə, qarışıq bir vəziyyətə gətirib çıxaracaq. Mən bilmirəm, bu şəkildə yazılsa, bunun faydası çox olar, yoxsa zərəri?
Nəhayət, bilirsiniz, burada, maddələrin birində cinayətin bir neçə şəxs tərəfindən əlbir şəkildə törədilməsindən söhbət gedir. Hamımız bilirik ki, meşələrin kəsilməsinin, şəhərdə parkların salınmasının, qanunsuz tikintilər aparılmasının sifarişçiləri var. Bir qayda olaraq, onlar kənarda qalırlar. Ona görə də mən istərdim ki, bu maddəni tərtib edənlər bir daha bu məsələyə qayıtsınlar. Yəni buna təhrik etməyə, sifariş verməyə görə xüsusi ağır bir sanksiya tətbiq olunsun.
Bütövlükdə belə bir maddənin qanunvericiliyə gətirilməsini çox mühüm məsələ hesab edirəm. Amma qeyd etdiyim məsələləri də qəbul edək. Çünki bunlar qanunun işləməsi üçün əhəmiyyətə malik olan məsələlərdir. Yəqin ki, Əli müəllim bunu qanunun müəllifləri ilə müzakirə edib konkretləşdirə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R. Rzayev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, bu qanun layihəsi ilə bağlı Əli müəllim çox düzgün izahat verdi. Mən də öz növbəmdə onu dəstəkləyirəm. Təbiəti qorumaq, ağac əkmək şərəfli işdir. Mən də sevinirəm ki, heç olmasa, bir iş görülür. Eyni zamanda, Xanlar və Daşkəsən rayonları dağ və dağətəyi rayonlar olduğundan oralarda görürəm ki, qış aylarında camaat çox əziyyət çəkir.
Bildiyimə görə, Təhsil Nazirliyi tərəfindən məktəblərə odun alıb verirlər və orada məktəbləri bu üsulla qızdırırlar. Mən Milli Məclisdən, Oqtay müəllim, Sizdən xahiş edirəm, bu ağacların kəsilməsi, satılması barəsində aidiyyəti orqanlar düşünsünlər. Çünki istər-istəməz camaat qış aylarında qızınmaqdan ötrü bu işi görməyə məcburdur. Bu məsələni normal hala çatdırsınlar ki, qanunlardan sui-istifadə halları olmasın. Bu çox mühüm haldır. Zənnimcə, camaat məcburən bu yola gedir. Keçən il bir ailədən 3 nəfər dağdan qayıdarkən qəzaya düşmüşdü. Mən xahiş edərdim ki, bu barədə biz əhaliyə kömək edək. Bunlar haradan və nə cür odun əldə etməlidirlər? Eyni zamanda, mən qanun layihəsini dəstəkləyirəm və hesab edirəm ki, bu halda qanun sərtləşdirilməlidir, maliyyə sanksiyaları yüksək olmalıdır. Bu, ümumiyyətlə, xeyli məsələyə aid ola bilər. Təbii ki, mən bu qanun layihəsini dəstəkləyəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanuna dəyişikliklər və əlavələr çox vacib məsələdir. Doğrudan da, bu məsələnin gündəliyə salınması çox təqdirəlayiqdir. Çünki bu məsələ bizim hamımızı, Azərbaycan xalqının bütün nümayəndələrini düşündürür və düşündürəcəkdir. İndi Əli müəllim dedi və mən çox təəccübləndim. Deyir ki, indiyə qədər 36 cinayət faktı qeydə alınıb. Bu cinayət faktları çoxdur. Ağacları kəsirlər, biri tikinti üçün kəsir, biri yandırmaq üçün kəsir, biri də ərazini genişləndirmək üçün kəsir. Müxtəlif bəhanələrlə bu işləri görürlər. Lakin bugünkü dəyişikliklər və əlavələr olduqca yerindədir. Bəlkə bu yolla camaata məsuliyyət hissini aşılamaq mümkün oldu. Burada deyildi, guya əvvəlcə nəzərdə tutulurdu ki, meşələrdən ağaclar kəsilməsin. Əslində, meşədəki quru ağacları kəsərlər. Biz elə bilirdik ki, bu, ümumiyyətlə, ağacların kəsilməsinə aiddir. Yəni meşələrdə ağac kəsmək cinayətdirsə, şəhərdə, ictimai yerlərdə ağacların kəsilməsi min dəfə ağır bir cinayətdir. Bugünkü əlavə çox vaxtında verilmiş bir əlavədir.
Mən qeyd edim ki, burada təkcə ağacların kəsilməsi yox, qulluq məsələsi də diqqət mərkəzində olmalıdır. Balaxanı yolunu təzə çəkiblər və həmin yolun qırağına müxtəlif ağaclar əkiblər. Gedin, baxın, həmin ağacların hamısı quruyubdur. Əvvəl kolxoz var idi, onlara nəzarət edilirdi. İndi dəxli yoxdur, bir tərəfdən əkirlər, digər tərəfdən isə nəzarət yoxdur.
Mən yenə deyirəm, çox sağ olsunlar, bizim Mehriban xanımın təşəbbüsü ilə ayrı-ayrı müəssisələr müəyyən öhdəlik götürüblər və ağac əkirlər. Bu yaxşıdır. Lakin buna nəzarət etmək üçün də bir qanun çıxarmaq lazımdır. Bu qədər zəhmətin qabağında onlar yenidən məhv olacaqsa, biz beş ildən sonra yenə də orada ağac əkəcəyiksə, bunun heç bir səmərəsi ola bilməz. Burada istərdim ki, bir əlavə edilsin. Adətən, tarix və mədəniyyət abidələrini qoruq elan edirlər. Yaxşı olardı ki, meşələr, ağaclar olan müəyyən sahələr də qoruq elan olunsun. Belə olsa, onda nəzarət olar və nəzarət nəticəsində ağaclara qulluq edilər. Məsələn, Naxçıvan Muxtar Respublikasında belə bir təcrübə var. Batabat meşəsini qırıb qurtarmışdılar. İndi qoruq elan olunubdur. Elə bir meşə az qala iki dəfə böyüyübdür. Bax, bu baxımdan dəyişikliklər və əlavələr nəzərə alınmalıdır. Mən bu dəyişiklikləri və əlavələri çox yüksək qiymətləndirirəm. Bir vətəndaş kimi, bu qanun layihəsinin hər bir maddəsinin yerinə yetirilməsinə biz nəzarət etməyə borcluyuq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, müzakirə etdiyimiz məsələ Cinayət Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Çoxları çıxış etdi. Başqa bir qanun layihəsinə ehtiyac varsa, biz onun üzərində işləyək, mən etiraz etmirəm. Ağacların kəsilməsi hamımızın ürək ağrısıdır, lakin bu gün biz gündəlik ətrafında, Cinayət Məcəlləsinə dəyişiklik ətrafında danışaq. Mövzu ətrafında çıxış etmək lazımdır.
Təkid edən yoxdur ki? Əli müəllim suallara cavab versin. Məsələn, Pənah bəyin verdiyi sual yerinə düşdü. Bir insan həyətindəki ağacı kəsirsə, məsuliyyətə cəlb olunmalıdırmı? Bunları da izah edin.
Ə. Hüseynov. Təşəkkür edirəm. Yəqin ki, sonrakı çıxışlar da bu istiqamətdə olacaqdı. Həm Siyavuş müəllim, həm də Pənah müəllim narahatçılığını bildirdilər. Ola bilər, mənim ifadə etdiyim fikir bütün ağaclara aid oldu. Bizim mövcud variantda söhbət qoruyucu, sanitariya, sağlamlaşdırma funksiyalarını yerinə yetirən meşələrdən gedirdi. İndiki variantda bütün meşələri və qoruqları əhatə edir. Bu baxımdan demək istərdim ki, meşələrdəki bütün ağaclar qorunmalıdır. Amma biz dispozisiyaya diqqət yetirsək, görərik ki, meşələrdə qanunsuz ağac kəsməyə görə məsuliyyət nəzərdə tutulur. Əlbəttə, meşədə lazım olmayan ağacı kəsirlər. Bir neçə haldan başqa fərdi təsərrüfata bunun, ümumiyyətlə, aidiyyəti yoxdur. Fərdi təsərrüfatda xüsusi bir ağac növü varsa, nəzarətdədirsə, bu, başqa məsələ. Demək istəyirəm ki, bu qanun heç bir məsuliyyət yaratmır, ancaq qanunsuz ağac kəsməyə görə məsuliyyət müəyyənləşdirir.
İkinci bir məsələyə Pənah bəy toxundu. 259.2.2. Həqiqətən, bəzən sifarişçi olur. Bir qrup şəxs deyəndə buraya sifarişçi də, icraçı da daxildir. Ona görə də hesab edirəm ki, bu çox mühüm məsələdir. Əlbəttə, bu sanksiyaların artırılması, ilk növbədə, xəbərdarlıq funksiyası daşıyır. Biz inanırıq ki, belə də olacaq. Yəni hər halda cinayətin qarşısını almağa xidmət edəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri (saat 16.59 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynov.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Bu dəyişiklik daxili işlər orqanlarının əməkdaşlarının sosial müdafiəsi ilə, sosial təminatı ilə bağlı olan məsələdir. 88-ci maddə yeni redaksiyada verilir. Qısaca, mahiyyəti ondan ibarətdir ki, əgər daxili işlər orqanının əməkdaşı nəzərdə tutulmuş əsas məzuniyyətdən istifadə etmədikdə ona istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir.
104-cü maddədə də edilən dəyişikliklər ondan ibarətdir ki, müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği daxili işlər orqanları əməkdaşları üçün ayda 27 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyənləşdirilir. Bu müddəalar əsas etibarı ilə daxili işlər orqanlarının əməkdaşlarının sosial təminatının daha da gücləndirilməsinə xidmət edən bir dəyişiklikdir. Vaxtı ilə biz hərbiçilərin sosial təminatı ilə bağlı buna oxşar, amma bir qədər daha çox maliyyə məbləğləri müəyyənləşdirmişdik. Hesab edirəm ki, bu çox əhəmiyyətlidir və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə edilən dəyişikliyə səs verilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirədə iştirak etmək istəyən millət vəkili varmı? Musa Quliyev.
M. Quliyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bütün dünyada olduğu kimi, Azərbaycanda da polis ictimai asayışın qorunmasında çox mühüm rolu və xidməti olan bir orqandır. Cinayətkarın qarşısına gedən də, ictimai asayişi qoruyan da polisdir. Bəzən cinayətin qurbanı da polis olur. Ona görə də mən düşünürəm ki, polisin özünün də sosial müdafiəyə ehtiyacı, ailəsində normal yaşamağa haqqı var.
Hörmətli Əli müəllim düzgün qeyd etdi ki, bu, polisin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə atılan bir addımdır. Ancaq mən düşünürəm ki, bu, yarımçıq bir addımdır. Bu addımı tamamlamaq üçün Milli Məclisin təklifləri dinlənilməli və qəbul olunmalıdır. Xüsusi ilə Əsasnamədəki ikinci dəyişikliyə mənim təkliflərim var. 104-cü maddədə deyilir ki, polis xidmət yerini dəyişdikdə müvəqqəti mənzil kirayəsi üçün ayda minimum 27 manatdan az olmayaraq kompensasiya almalıdır. Gəlin, indi biz düşünək. 27 manata nə etmək olar? Harada kirayədə qalmaq olar?
Burada başqa bir maddəyə də mən öz fikrimi bildirmək istəyirəm. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən və qaydadan söhbət gedir. Yəqin ki, bunu Nazirlər Kabineti müəyyən edəcək. Yaxşı olardı ki, daxili işlər orqanlarında çalışan əməkdaşıın öz yaşayış yerindən kənarda xidmət etdiyi dövrdə ona veriləcək kompensasiyanı ya yaşayış minimumuna, ya da minimum əmək haqqına bağlayaq. Çünki ölkədə güclü sosial-iqtisadi inkişaf gedir, həyat səviyyəsi gündən-günə yaxşılaşır. Həyat səviyyəsi yaxşılaşdıqca, təbii ki, yaşam xərcləri də artır.
Tutaq ki, bu gün Nazirlər Kabineti bu qərarı qəbul etdi, bir də onu 10 ildən sonra dəyişəcək, yaxud dəyişməyəcək. Bizim ezamiyyət xərcləri ilə bağlı qaydaları götürək. 10 il bundan qabaq qəbul olunubdur. Elə həmin qaydalar da qalır. Baxmayaraq ki, bütün Avropa ölkələri “avro” ilə işləyir, amma yenə də biz ezamiyyətə gedəndə köhnə qaydalarla və köhnə dollarla bizə ezamiyyət haqlarını verirlər. Buna görə mən düşünürəm ki, bu addımlar yarımçıq olmasın deyə, biz bu işi qanunla tənzimləyək, yaşayış minimumuna, yaxud da minimum əmək haqqına bağlayaq. Üstəgəl Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, kənd rayonlarında ev kirayəsi tamamilə fərqlidir. Elə bir variant seçmək lazımdır ki, polis ona verilən kompensasiyadan normal istifadə edə bilsin, normal həyatını qura bilsin. Mənim təkliflərim bundan ibarət idi. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma burada 27 manat deyiləndə, bir məsələ də var ki, onların hər bir ailə üzvü üçün də həmin məbləğin əlli faizi nəzərdə tutulur. Yəni təkcə 27 manat deyil. O ki qaldı ezamiyyət xərclərinə, düzgün buyurursunuz, bu yaxınlarda həmin məsələni də həll edəcəyik. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Mən çox təəssüf edirəm ki, bu maddə ilə əlaqədar qanunvericilik aktlarına baxmamışam. Amma yaddaşımda qalan məsələlərlə bağlı bu məsələyə münasibətimi bildirmək istəyirəm. Ümumiyyətlə, bilirsiniz ki, Konstitusiyada məzuniyyət, istirahət hüququ təsbit olunubdur. Səhv eləmirəmsə, 1994-cü ildə məzuniyyətlə bağlı Qanun da qəbul olunubdur. Əmək Məcəlləsi qəbul edildikdən sonra, səhv eləmirəmsə, 133-cü maddədə məzuniyyətlərlə bağlı məsələ öz əksini tapıbdır. Bu gün daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə etdiyimiz dəyişikliklərdə daha çox sosial təminat verilir. Təkrar eləyirəm, bu da təsadüfi deyil. Çünki bu, əmək hüquqları ilə, o cümlədən məzuniyyətlə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdən irəli gələn müddəaların tətbiqi ilə əlaqədardır.
Konkret olaraq, mənim demək istədiyim nədir? Hətta Əmək Məcəlləsi qəbul edildikdən sonra bu gün bizim əlavə etdiyimiz dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin də xüsusi bir qərarı olubdur. Məzuniyyət məsələsində, istənilən müqavilə hüququ ilə bağlı olan bir çox məsələlərdə, o cümlədən pensiya məsələsində, habelə əmək stajlarının hesablanmasında unifikasiya gedir. Bu, hərbi qulluqçulara, daxili işlər orqanlarının işçilərinə və dövlət qulluqçularına da aid edilir. Hətta bu gün mən baxıram ki, deputatlara da aid edilir. Odur ki, mən bir daha təkrar edirəm, burada Musa müəllimin dediyi kimi, başqa bir cəhətdən natamamlıq görürəm. Çünki qeyd elədiyim bütün qanunlarda, beynəlxalq müqavilələrdə, həmçinin qüvvədə olan Əmək Məcəlləsində nəzərdə tutulub ki, istifadə olunmamış məzuniyyət günlərinin hamısı həmin işçilərin arzusu ilə onların əmək stajına daxil edilsin. Əgər onlar işdən azad edilirsə, onların iş stajının sonuncu günü də həmin əsas məzuniyyətlərinin qurtardığı son gün hesab olunur.
Bu olduqca mühüm məsələdir. Təkrar edirəm, Konstitusiya Məhkəməsinin qeyd elədiyim qərarında da belə bir məhdudiyyət var, Əmək Məcəlləsində də məhdudiyyətlər var. Məsələn, işdən səhlənkar münasibətinə görə, öhdəsindən gəlmədiyinə görə, yaxud cinayət faktına görə azad olunursa, o hallarda Konstitusiya Məhkəməsi bu hüququ işçilərə aid edir. Ona görə də mən bir daha bu məsələyə diqqəti cəlb eləyirəm.
Bu məsələ ilə bağlı mənə üç seçici müraciəti olmuşdu. Xüsusən bu, dövlət qulluğunda işləyən işçilərə aiddir. Polis orqanlarında, prokurorluq sahəsində işləyən şəxslər də vardır ki, onların əmək stajlarının hesablanmasında istifadə etmədikləri məzuniyyətlərin guya kompensasiya vasitəsi ilə verilməsi əsas gətirilir və onların bir sıra hüquqları pozulur. Təkrar eləyirəm, beynəlxalq müqavilələrdə əks olunmuş, Konstitusiyada, bizim Əmək Məcəlləsində təsbit olunmuş hüquqlar pozulur. O baxımdan da mən çox istəyərdim ki, bu dəyişikliklərlə yanaşı, Azərbaycanın milli qanunvericiliyində, o cümlədən Əmək Məcəlləsində əksini tapmış hüquqlar daxili işlər orqanlarının işçilərinə də aid edilsin. Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin bu müddəası da mövcud beynəlxalq və milli qanunvericiliyin normalarına uyğun şəkildə təsdiq edilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu dəyişikliklərə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram.
Pənah müəllimin toxunduğu bir məsələ var idi. Onu qeyd eləyim ki, burada söhbət əlavə güzəştlərdən gedir. Yəni deyilən məsələlərin hamısı qanunvericilikdə nəzərdə tutulubdur. Əmək qanunvericiliyində də, Əmək Məcəlləsində də nəzərdə tutulubdur. Söhbət mövcud əlavələrdən gedir. Amma bununla yanaşı, mən hesab eləyirəm ki, həmin strukturlara, bu gün insanların təhlükəsizliyi ilə, insanların qorunması ilə məşğul olan orqanlara göstərilən bu dərəcələr azdır. Biz mövcud ictimai-siyasi vəziyyətə uyğun, mövcud bazara uyğun qiymət müəyyənləşdirməliyik. Musa müəllim bu sahə üzrə mütəxəssis kimi qeyd elədi. Bizim müəyyənləşdirdiyimiz 27 manat kirayə haqqı azdır.
Özü də təkcə bu sahə deyil. Biz seçki prosesi dövründə məşğul olurduq. Dağ kəndlərinə, ümumiyyətlə, xarici dil müəllimləri getmir. Əmək haqqı və əlavə 20 manat kirayə haqqı müəyyənləşdirirlər. Bunu götürüb hansı ingilis dili müəllimi Bakı şəhərindən hansısa bir dağ kəndinə gedəcək, orada tədrislə məşğul olacaq? Yaxud hansısa bir polis işçisi ezam olunacaq? Üstəgəl ailə üzvlərini də götürüb aparacaq və gedib bir dağ kəndində cinayət-axtarış fəaliyyəti ilə məşğul olacaq. Mən hesab edirəm ki, bunu müəyyən normada müəyyənləşdirməliyik. Bizim Nazirlər Kabinetinin müəyyənləşdirdiyi həmin normalar, doğrudan da, çox köhnəlmiş normalardır. Onlar Azərbaycanın inkişaf tərzi ilə, dünyada gedən qloballaşma prosesi ilə qəti şəkildə uyğunlaşmır. Bu məsələyə də toxunuldu. Yəni Milli Məclisin deputatlarını götürürəm.
Hörmətli Sədr dedi ki, bu məsələyə əlavə dəyişiklik olacaq. Əhatəli şəkildə danışmıram. Nazirlər Kabineti bizə Avropanın ən inkişaf etmiş ölkəsində mehmanxana xərci müəyyənləşdirib. Heç Bakıda həmin qiymətə mehmanxana yoxdur. Sual olunur: özünüz gedib həmin şəraitdə yaşayarsınızmı? Yaxud Milli Məclisin deputatı gedib vağzalda yatmalıdır? Axı, bu qiymətə heç Bakı şəhərində də mehmanxana yoxdur. Bakı şəhərində yoxdursa, Avropanın inkişaf etmiş hansısa ölkəsinin paytaxtında bu qiymətə mehmanxana ola bilərmi? Yaxud verilən xərclər və sair. Mən hesab edirəm ki, bunların hamısına kompleks şəkildə yanaşmalıyıq. Tutalım, polisdə, təhsildə, səhiyyədə dəyişirik. Bunu kompleks şəkildə ortaya qoymaq lazımdır.
Polisdə cinayət-axtarış fəaliyyəti ilə məşğul olan insanlar bizə müraciət edirlər. Bütün günü həyatını təhlükə altına atıb, cinayət-axtarış fəaliyyəti ilə məşğul olur. Ən aşağı əmək haqqı müəyyənləşdirilib. Təxminən 100 dollardan bir az da aşağı əmək haqqı alırlar. Tutalım, avtomobil yollarına nəzarət edən polis üçün 800 dollar əmək haqqı müəyyənləşdirilib. Burada bir sosial ədalət prinsipi olmalıdır. Bu: uyğunlaşdırılmalıdır. Vəzifə ola bilər, rütbə ola bilər, tutduğu mövqe ola bilər və sair. Bu cür müəyyənləşdirilməlidir. Bu cür ola bilməz.
Qanunvericilik elə olmalıdır ki, bu məsələlər fundamental şəkildə müəyyənləşdirilsin. Hər bir fərdə, hər bir şəxsə düzgün tətbiq olunmalıdır. Eyni strukturda çalışan insandır. Əmək haqqı niyə fərqli olmalıdır? Bu fərq aradan qaldırılmalıdır. Dünyada mövcud sistem var. 20 dərəcədən artıq ola bilməz. Bizdə elə hallar olur ki, 180 dərəcəyə çatır. Tutalım, nazirin əmək haqqı ilə süpürgəçinin əmək haqqı arasında 20 dəfədən artıq fərq ola bilməz. Bizdə 100 dəfədən artıq fərq yaranmışdır. Bu, sistemləşməlidir. İstər bizim komissiyalar, istərsə də sosial sahəyə baxan komissiyalar müəyyənləşdirməlidirlər. Bu cür ola bilər. Hesab edirəm ki, burada müəyyənləşdirdiyimiz təminatlar buna uyğunlaşdırılmalıdır. Bu gün hansı insan öz evini 27 manata kiməsə kirayə verər? Heç kəs verməz. Ona görə də bunu müəyyənləşdirəndə biz normal qiymət müəyyənləşdirməliyik. 10 il bundan qabaqkı ölçülərlə müəyyənləşdirə bilmərik. 10 il bundan qabaq Azərbaycanın dövlət büdcəsi 500 milyon dollar idi. Növbəti il 12 milyard dollar olacaq. Ona görə də uyğunlaşdırılmalıdır. Təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun. Amma Siyavuş müəllim, nazirlərlə süpürgəçilərin maaşında 100 dəfədən artıq fərq yoxdur. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan qanun layihəsini mən də təqdir edirəm və qəbul edilməsinə səs verəcəyəm.
Qeyd edim ki, 88-ci maddənin 1-ci hissəsində yeni redaksiyada verilən düzəliş ədalət prinsipinə söykənən bir düzəlişdir. Biz nəzərə alaq ki, daxili işlər orqanlarının fəaliyyəti, iş prinsipi xüsusi bir sahədir. Deyək ki, nə səhiyyə işçisidir, nə də təhsil işçisidir. Çünki elə hallar olur ki, daxili işlər orqanlarında çalışan zabit məzuniyyətə çıxa bilmir. Xüsusi əməliyyatın keçirilməsinə ehtiyac duyulur, yaxud başqa bir vəziyyət yaranır. Beləliklə, obyektiv səbəblər ucbatından o, məzuniyyət götürə bilmir. Ona görə də 88-ci maddədə edilən düzəliş yerindədir və bu, birmənalı şəkildə qəbul edilməlidir.
104-cü maddənin yeni redaksiyada verilməsi ilə bağlı, digər millət vəkilləri kimi, mənim də fikrim ondan ibarətdir ki, Əli müəllimdən xahiş eləyək, işçi qrupu səviyyəsində bu məsələyə bir daha baxılsın. Əgər biz kiçik hesablama aparsaq, görərik ki, 4 nəfərlik ailə üçün icarə haqqının verilməsinə 66 manat pul ayrılır. Gəlin, görək, Bakı şəhərində 66 manata kirayədə qalmaq mümkündürmü? Bir neçə il bundan qabaq Bakıda mənzili olmayan millət vəkillərinə 250 dollar həcmində kompensasiya verilirdi ki, ev tutsun. İndi ola bilsin ki, bir az da artıqdır. Bundan xəbərim yoxdur. Hər halda Siyavuş Novruzovun dediyi kimi, mövcud reallıq da nəzərə alınmalıdır, mövcud reallığa cavab verilməlidir. Verilən pul da həmin ehtiyacı ödəməlidir. Əgər bir ailə üçün, bir zabit üçün 66 manat kirayə haqqı verilirsə, düşünürəm ki, bu, ehtiyacın ödənilməsi deyil, sadəcə olaraq, çox böyük problem yaradan bir məsələdir. Ona görə də mən çox xahiş edərdim ki, bu məsələyə işçi qaydasında baxılsın və mövcud imkanlar nəzərə alınsın.
Demək istəyirəm ki, Azərbaycanın dövlətçiliyində xüsusi xidmətləri olan hüquq mühafizə orqanlarına xüsusi diqqət lazımdır. Bunu yaddan çıxarmaq olmaz. Bizim bu gün əmin-amanlıqda yaşamağımız da, bu gün Azərbaycanda sabitliyin təmin edilməsində də hüquq mühafizə orqanlarının, daxili işlər orqanlarının çox böyük xidmətləri var. Bunun müqabilində biz çalışmalıyıq ki, onların yaşayış tərzi yüksək səviyyədə olsun. Elə olsun ki, onlar başqa şeyə əl atmaq haqqında düşünməsinlər. Xalqın, dövlətin sabitliyi, əmin-amanlığı üçün öz imkanlarını əsirgəməsinlər. Bunun üçün çalışmalıyıq.
Ona görə də mən birmənalı şəkildə hüquq mühafizə orqanları ilə, daxili işlər orqanları ilə bağlı bütün müsbət dəyişiklikləri həmişə yüksək qiymətləndirmişəm. Düşünürəm ki, bunun üçün mənim kifayət qədər məntiqi əsasım var. Ona görə də hörmətli millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər. Əli müəllimdən xahiş edərdim ki, işçi qrupu səviyyəsində 88-ci maddəyə bir daha baxılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun, hörmətli Sədr. Mən də bu məsələyə qısaca münasibət bildirmək istəyirəm. Mən də hesab eləyirəm ki, bayaq Siyavuş müəllimin dediyi qaydada məsələyə kompleks yanaşmaq lazımdır. Həqiqətən də, daxili işlər orqanlarında çox əziyyət çəkən, yalnız maaşa göz dikən, çətinliklər içində xidmət edən insanlar var. Onların hüquqlarının müdafiə olunması istiqamətində dövlət tərəfindən addımlar atılmalıdır, kompensasiyalar verilməlidir.
Hesab eləyirəm ki, Nazirlər Kabinetinin məsələyə yanaşmasında dəyişikliklər baş verməlidir. Bizə bir neçə dəfə hərbiçilər də müraciət eləmişdilər. Xüsusi ilə döyüş bölgəsində çətin şəraitdə xidmət eləyən hərbiçilərin böyük əksəriyyəti mənzil kirayə götürməlidir. Kirayəyə götürülən mənzilin real qiyməti ilə dövlət tərəfindən verilən kompensasiya uyğun gəlmir. Ona görə də buna təkcə daxili işlər orqanlarına aid bir məsələ kimi baxılmamalıdır. Hansı orqan daha tez müraciət edirsə, onun məsələsinin həlli kimi anlaşılmamalıdır. Mən hesab edirəm ki, hərbiçilərin də məsələsinə baxılmalıdır və qanun layihəsində birmənalı şəkildə “döyüş bölgəsi” anlayışından istifadə olunmalıdır.
Düzdür, burada qeyd olunur ki, “yaşayış məntəqəsindən asılı olaraq”. Amma hesab edirəm ki, Azərbaycan hələ Ermənistanla müharibə şəraitində olduğuna görə həmin ərazidə insanlar çox böyük əziyyət çəkirlər. Xüsusi ilə mən hərbiçilərin, polislərin döyüş bölgəsində, ermənilərlə sərhəd bölgədə əziyyətinin şahidi olduğuma görə, istəyirəm ki, onların hüquqlarının qorunması istiqamətində addımlar atılsın. Ona görə də istərdim ki, gələcəkdə Nazirlər Kabinetinin bu cür kompensasiyalarla bağlı tərtib etdiyi cədvələ hər il yenidən baxılsın. Çünki Azərbaycanda inflyasiyanın səviyyəsi elədir ki, real bazar qiymətləri sürətlə dəyişir. Mənzilin qiymətləri dəyişir, icarə haqları gündən-günə artmaqdadır. Belə bir vəziyyətdə, məncə, bu cür dəyişikliklərə ildə bir dəfə baxılması vacibdir. Çünki Nazirlər Kabinetinin hərbi qulluqçular üçün müəyyən elədiyi sistem 1992-ci ildən bu tərəfə dəyişilməyibdir. 1992-ci ildən indiyə kimi qiymətlər qalxıb, ümumi xərclərin səviyyəsi dəyişibdir. Amma bu məsələdə heç bir dəyişiklik yoxdur. Ona görə də hərbiçilərlə bağlı məsələyə də yaxın zamanlarda baxanda bu nöqsanın ortadan qaldırılmasına nail ola biləcəyik. Sağ olun.
Sədrlik edən. Fuad Muradov, çıxışınız var? Buyurun.
F. Muradov. Çox sağ olun, Oqtay müəllim. Çox vacib bir məsələdir. Təbii ki, biz buna səs verəcəyik. Sadəcə, ola bilsin ki, təkrarçılıq olacaq. Amma bəzi məsələlər var ki, onlar, həqiqətən, çox vacibdir. Mən bu qanun layihəsinə baxanda bir neçə araşdırma apardım və gördüm ki, polisdə işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə də bu məsələ ilə bağlı istərdim, bir-iki kəlmə deyim.
Çoxsaylı müraciətlər də oldu. Siyavuş müəllim bunu vurğuladı. Mən konkret olaraq müraciətlərin haradan gəlməsini demək istəyirəm. Misal üçün, post-patrul xidmətinin işçiləri tez-tez müraciət edirlər ki, onların məvacibi ilə, müəyyən məsələlərlə bağlı problemlər var. Əməliyyat-axtarış aparan yol polislərinə də bunu şamil etmək olar. Düzdür, son vaxtlar görürük ki, yeni avadanlıqlar, yeni texnologiyalar alınır. Bu istiqamətdə dəyişikliklər gedir. Amma burada yanaşma dəyişməlidir.
Sovet dövründə “gənc mütəxəssis” deyilən bir məsələ var idi. Gənclərə müəyyən güzəştlər olunurdu. Rəsmi olmasa da, qeyri-rəsmi olaraq, idarələrdə yeni ailə quranlara, müəyyən qədər fərqlənmiş gənclərə müəyyən güzəştlər olunurdu. Yəni onları çox uzağa göndərmirdilər. Onlar təcrübəli insanların yanında müəyyən qədər işləyirdilər. Bu gün mən hesab edirəm ki, biz məsələyə bu kontekstdə baxmalıyıq. Çünki gəncdir, akademiyanı yeni bitirib, yaxşı savadı var, yaxşı oxuyub. Amma məcburi olaraq, müəyyən səbəblərə görə onu ucqar yerlərə göndərirlər və o, inkişaf edə bilmir. Bu kontekstdə ciddi bir güzəşt olmalıdır. Demirəm, bu güzəştlərdən təkcə gənclər istifadə etsinlər. Amma gənclərə xüsusi nəzarət etmək lazımdır. Gələcəkdə bu insanların formalaşması prosesi gedir.
Mən Polis Akademiyasında olmuşam, bir neçə dəfə həmin gənclərlə görüşmüşəm. Onların bəzilərində belə bir təsəvvür var ki, onlar cəmiyyət tərəfindən qorunmurlar. Düzdür, ümumi götürsək, bu istiqamətdə inkişaf var. Yol polisinin işində də bunu görürük. Amma müəyyən qədər bu insanlara ictimaiyyət tərəfindən inam olmalıdır. Ona görə də mən buna səs verəcəyəm. Oqtay müəllim, Siz də təşəbbüs göstərsəniz, biz birlikdə bu məsələyə baxardıq. Bir neçə dəfə biz yol polisi haqqında burada söhbət etmişik, müzakirələr aparmışıq. Yaxşı olardı ki, bu məsələyə yaxın zamanda baxaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Qısa bir arayış vermək istəyirəm. Birincisi, bu layihəni dəstəklədikləri üçün millət vəkillərinə təşəkkür edirəm.
Qanun layihəsinin 104-cü maddəsindəki fikir tam aydındır. Söhbət müvəqqəti mənzil şəraiti üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən gedir. Burada göstərilir ki, Nazirlər Kabinetinin qərarı ilə hər bir yaşayış məntəqəsinə uyğun məbləğ müəyyənləşəcək.
Bir məsələyə də diqqət yetirmək istəyirəm. Burada söhbət minimum məbləğdən gedir. Bizim müəyyənləşdirdiyimiz məbləğ 27 manatdan az olmayan məbləğdir. Deməli, müvafiq icra hakimiyyəti orqanının qərarında hər bir yaşayış məntəqəsindən asılı olaraq rəqəmlər dəyişəcək. Deyək ki, Bakı şəhərində 100 manat, Gəncədə 50 manat və sair. Bu, minimum məbləğdir. Mən başa düşürəm. Azərbaycanın regionları elə inkişaf edir ki, hətta ən ucqar regionu götürsək, belə çıxır ki, Azərbaycan üçün minimum məbləğ 27 manatdır. Amma mən narahatçılığı başa düşürəm. Əvvəlki məruzələrimdə statistik məlumatları çatdırmağa çalışdım. Bu məruzəmlə bağlı məndə dəqiq statistik məlumat yoxdur. Yəni məndə məlumat yoxdur ki, bu il ərzində neçə nəfər polis əməkdaşı mənzil kirayəçisidir. Bu layihə hazırlananda, sözsüz ki, maliyyə ekspertizasından keçib. Amma mən sizə söz verirəm ki, bu məsələni qanunvericilik işi qaydasında müzakirə edək. Təklifləri çatdırım ki, millət vəkillərinin mövqeyi budur. Mümkün maliyyə imkanı varsa, minimum məbləğ bir qədər də artırılsın, 27 manatdan çox olsun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim suala cavab verdi. Mən də bu fikirdəyəm. Burada yazılıb ki, minimum məbləğ 27 manatdır və ailə üzvlərinin hər birinə həmin məbləğin 50 faizindən az olmayaraq kompensasiya verilir. Yəni 66 manat söhbəti yoxdur. Hesablayanda gəlib 100 manata çatır. Əli müəllim dedi, qanunvericilik təşəbbüsü subyekti ilə məsələyə bir də baxarlar. Mən də hesab edirəm ki, maliyyə ilə bağlı məsələdir, mümkün olsa, bir də təkrar baxarlar. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədədir. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, “Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanun qəbul etmişik. Bu qanunda söhbət müvəkkilin Aparatından gedir. Ona görə də “Dövlət qulluğu haqqında” Qanuna iki dəyişikliyin edilməsi təklif olunur.
Birincisi, “Katibliyi” sözünün “Aparatı“ sözü ilə əvəzlənməsi, həmçinin “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı” sözlərinin əlavə olunması təklif edilir. Hər ikisi texniki düzəlişdir, amma bunu etmək lazımdır, çünki “Dövlət qulluğu haqqında” Qanunda təsnifat var, bu Aparatın işçiləri də dövlət qulluqçularıdır və təsnifata uyğun olaraq əmək haqqı alırlar. Hesab edirəm ki, vaxtında və yerində edilən bir düzəlişdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu dəyişikliklərin maddə-maddə sadalanmasına baxmayaraq, onun yeganə bir mahiyyəti var. Çünki biz mülki qanunvericilikdə belə bir anlayış vermişik: “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”. Bu, mülkiyyət hüququnun tanınması ilə, ümumiyyətlə, bu sahədə mövcud olmuş problemlərin aradan qaldırılması ilə bağlı nəzərdə tutulmuş düzəlişdir. Müvafiq dövlət orqanı var, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən bir qurum var. Hər iki qanunda bu sözlərin əlavə olunmasından söhbət gedir. Yəni texniki bir dəyişiklikdir. Amma qanunvericiliyimizin təkmilləşdirilməsi baxımından bunu etmək vacibdir. Millət vəkillərinin səs verməsini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 757 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statutu”nda dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, bilirsiniz ki, ordenlərin statutunu müəyyənləşdirmişik və parlamentdə bu məsələlər müzakirə olunub. Bu da texniki bir düzəlişdir. Söhbət ordenin taxılma qaydasından gedir. Düzəliş ondan ibarətdir ki, “Şöhrət” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda isə  “Şərəf” ordenindən sonra taxılır. Belə bir düzəlişdir. Elə bilirəm ki, burada mübahisəli bir məsələ olmamalıdır. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.


Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqındadır. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlarım, yadınızdadırsa, biz bu yaxınlarda “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanun qəbul etdik. Orada belə bir müddəa var idi ki, bu Qanunun müddəalarının pozulmasına görə məsuliyyətə cəlb olunmaq nəzərdə tutulur. Hətta müxtəlif mübahisələr, müzakirələr gedir. Misal üçün, belə bir müddəa var idi ki, mühafizəçilər geyim formasını mühafizə olunan obyektin hüquqlarından kənarda daşıya bilməzlər. Belə hallar olanda qarşısı nə cür alınacaq? Bizim qəbul etdiyimiz qanunda müəyyənləşdirdiyimiz məhdudiyyətlər pozularsa, ona görə inzibati məsuliyyət nəzərdə tutulur. Qanunda nəzərdə tutulmuş pozuntular baş verərsə, məsuliyyət meydana çıxır. Ona görə də mübahisəli məsələ olmamalıdır. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.32 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqındadır. Dörd komissiyanın iclasında baxılıb. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bizim komissiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əla-vələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında qanun layihəsinə baxılıb.
Bizim komissiyanın xətti ilə, əsasən, iki məsələyə baxılıb. “Hərbi qulluqçuların statusu haqqında” Qanunda dəyişiklik təklif edilir. Tövsiyə edilir ki, 15-ci maddənin 2-ci bəndi çıxarılsın. Yəni “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 15-ci maddəsinin 2-ci hissəsi “Hərbi qulluqçuların pensiya təminatı hüququ” adlanır. Bu da təbiidir. Çünki bilirsiniz ki, hərbi qulluqçuların pensiya təminatı artıq “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Ona görə də maddənin bu hissəsinin burada qalması mənasını itirir. Bu da tamamilə təbiidir.


Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

21-ci maddənin 1-ci bəndinin “ə” yarımbəndində “lakin ən çoxu 15 illik müddət yaşa görə pensiya təyin etmək üçün zəruri olan ümumi iş stajı” sözləri “sığorta stajı” sözləri ilə əlavə olunur. Bu da tamamilə təbiidir. Çünki bilirsiniz ki, əmək pensiyası üç hissədən ibarətdir. Onun baza hissəsi, yığım hissəsi və sığorta hissəsi var. Qanunvericilikdə baza və yığım hissələri təsbit olunub, sığorta hissəsi isə qalmışdı. Ona görə də müvafiq olaraq qanunvericiliyə uyğunlaşdırılıb. Dəyişiklik bundan ibarətdir.
Başqa komissiyalarda da müzakirə olunub. Buyurun, Hadi müəllim.
H. Rəcəbli. Ziyafət müəllim, minnətdaram. Biz iki qanun layihəsinə baxmışıq. Birincisi Çernobıl qəzasının ləğvində iştirak etmiş vətəndaşlarla bağlıdır. İkincisi “Veteranlar haqqında” Qanunla bağlı olan dəyişikliklərdir. Bütövlükdə bu dəyişikliklərin mahiyyəti nədir? Biz pensiyalar haqqında qanunları vahid qanunda cəmləşdirdik. Hərbi qulluqçular haqqında, prokurorluq işçilərinin, dövlət qulluqçularının, deputatların pensiya təminatlarını bir qanunla ehtiva etdik. Bununla əlaqədar bir sıra qanunlarda texniki dəyişikliklər edirik. Yəni artıq “hərbi qulluqçuların pensiya təminatı”, “prokurorluq işçilərinin pensiya təminatı” sözləri işlənmir. Biz “Əmək pensiyaları haqqında” Qanuna istinad edirik. Bir sıra qanunlarımızda mütərəqqi dəyişikliklər etmişdik. Həmin dəyişikliklər yeni qanun layihəsinə, Əmək Məcəlləsinə aiddir. Ona görə də bütövlükdə bu layihə müsbət sənəddir, qanun yaradıcılığı texnikası baxımından əhəmiyyətli sənəddir. Mən deputat həmkarlarımı buna səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov, buyurun. Sizin komissiyada da müzakirə olunub.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Əslində, mənim xüsusi bir fikrim yoxdur. Çünki bu dəyişikliklər texniki dəyişikliklərdir, həmkarlarım da bunu qeyd etdilər. Pensiya məsələləri artıq əmək qanunvericiliyi ilə tənzimlənir. Faktiki olaraq “Milli Məclisin deputatının statusu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda etdiyimiz dəyişikliklər bununla bağlıdır. Həmin müddəalar qanunun tətbiqi ilə əlaqədar köçürülmür. Burada geniş müzakirəyə ehtiyac yoxdur. Səs verib qəbul etmək lazımdır.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, sözünüz yoxdur? Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Sağ olun. Təqdim olunmuş qanun layihəsinə konseptual baxımdan müsbət yanaşıram. Hesab edirəm ki, bu, texniki xarakter daşıyan dəyişiklik olsa da, əslində, qanunun təkmilləşməsinə xidmət edən təklifdir. Lakin yaranmış vəziyyətlə bağlı mənə seçicilərimin bir sıra təklifləri olub. Onları Hadi müəllimin və dəyərli Milli Məclis rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm. Söhbət nədən gedir?
Yeni əmək pensiyası tətbiq edildikdən sonra pensiyaya çıxan insanların, xüsusi ilə dövlət qulluğunda olan insanların, şəxslərin pensiyası xeyli dərəcədə yuxarıdır. Bu qanunun geriyə tətbiqi olmadığına görə vaxtı ilə onlara rəhbərlik edən insanların pensiyası xeyli dərəcədə aşağıdır. Bu, insanlarda narahatçılıq yaradır. Məndən xahiş ediblər ki, bu məsələni Milli Məclisin səviyyəsində qaldırım. Necə edək ki, bugünkü qanunlar çərçivəsində bu məsələni tənzimləyək. Çünki onlara az miqdarda pensiya təyin olunmasından xeyli əziyyət çəkirlər. Əgər nəzərə alsaq ki, bu insanlar yaşlı adamlardır. Yəni onların 70-dən yuxarı yaşı var. Bir çox hallarda onlar tənhadırlar, ancaq pensiyanın hesabına yaşayırlar. Onların vəziyyəti haqqında hamımızda təsəvvür yaranıb. Mən bilmək istərdim, biz necə edək, hansı formada qanunlara dəyişiklik edək ki, həmin insanların yaşayış səviyyəsində bir dəyişiklik olsun. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Fəzail bəyin qaldırdığı məsələni daha geniş əhatəyə aid edirəm. Bizim komissiyada da bu məsələyə narahatçılığımı ifadə etmişdim. Sizin tərəfinizdən müəyyən izahat da verilmişdi. Amma məsələ açıq qalmışdı.
Son dövrdə sosial müdafiə ilə, o cümlədən pensiyalarla, təqaüdlərlə bağlı ciddi konseptual məsələ həyata keçirilir. Bunu çox vaxt qanunların unifikasiyası kimi qələmə verirlər. Burada məsələnin bir tərəfinə Fəzail müəllim toxundu. Əslində, bu, labüd olaraq qeyri-bərabərlik yaradan bir məsələdir. Mən hörmətli deputatların diqqətini ona cəlb edirəm ki, bu, deputatların başına da gələcək. Əgər qismət olsa, pensiyaya çıxsanız, sığorta stajı, əmək stajı, 80 faizin ləğv olunması sizin də taleyinizdə rol oynayacaq. Çünki əmək haqlarının artması, bilirsiniz ki, sığorta stajında və toplanan müxtəlif fondlardakı vəsaitlərdə fərq əmələ gətirir.
Xahiş edirəm, hörmətli millət vəkilləri ən azı özlərinə görə bu məsələyə diqqəti cəmləşdirsinlər. Ən azı pensiyadan asılı olan millət vəkillərinə bu müraciəti edirəm. Hörmətli Hadi müəllimin komissiyasının, bu islahatı aparan şəxslərin nəzərdə tutduğu bir incə məsələ var. Dövlət qulluqçuları haqqında Fəzail müəllim dedi. Bu, hərbi qulluqçulara da aiddir. Faktiki olaraq, “Əmək pensiyaları haqqında” Qanun qəbul olunana qədər hərbi qulluqçu, məsələn, diviziya komandirləri, gizirlər müəyyən həcmdə pensiya alacaqdır. Lakin “Əmək pensiyaları haqqında” Qanun qəbul edildikdən sonra eyni vəzifəyə, eyni işə görə, ola bilsin, müharibə vəziyyətinə görə bundan sonra guya pensiyaya çıxanlar daha çox alacaqlar.
İkinci bir məsələyə də diqqəti cəlb etmək istəyirəm. Məsələ yenə də hərbi qulluqçularla bağlıdır. Bu məsələ də bizim komissiyanın müzakirəsində olduğuna görə diqqəti cəlb etmək istəyirəm. Ümumiyyətlə, əmək stajı daha böyük hüquqlar verirdi. İndi bunun sığorta stajı ilə əvəz olunması isə olduqca böyük bir kontingentin və onların ailələrinin sosial müdafiəsində çox ciddi problemlər yaradacaqdır. Nəhayət, bu unifikasiya öz yerində. Amma bizim qanunvericilikdə hərbi qulluğun, hərbi xidmətin daha üstün bir qulluq olması haqqında müddəa var. Məsələn, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 1-ci bəndində göstərilib ki, Azərbaycan Respublikasında hərbi xidmətin dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq belə bir norma müəyyənləşdirilmişdir. İndi mən konkret olaraq hərbi qulluqçular üzərində diqqəti cəmləşdirirəm. İndi müasir dövrdə dövlət qulluğu anlayışı dəyişib. Biz normanı da ləğv etmiş oluruq. Unifikasiya adı altında çoxlu sayda insanların pensiya təminatı ilə bağlı məsələ qaldırılır. Təəssüf ki, çox adam hələ bunun nəticələrini bilmir. Öz talelərində adamlar bunu hiss edibdir. Ona görə də hörmətli Hadi müəllimdən xahiş edərdim ki, nə üçün belə edildiyini və bunun müəllifinin kim olduğunu və dövlət başçısına bu tipli yeni pensiya təminatı konsepsiyasını kimlərin təqdim etdiyi barədə bizə məlumat versin.
Sədrlik edən. Təşəkkür edirəm. Mən üzr istəyirəm, Jalə xanım, Sizə söz verəcəyəm. Pənah müəllim, mən məcburam, bir də Sizə izahat verim. Axı, komissiyanın iclasında mən Sizə dedim. Əvvəla, –  həmin fərqlə bağlı burada hörmətli Fəzail müəllim də məsələ qaldırdı, – fiziki şəxsin vəziyyətini ağırlaşdıran halda qanunun geriyə qüvvəsi yoxdur, yalnız yaxşılaşdıran halda qanunun geriyə qüvvəsi var. Bu məsələ öz həllini tapıb və tapacaq.
İkincisi, Siz deyirsiniz ki, əmək pensiyasına nə üçün sığorta stajı yazılır. Axı, mən izah etdim. Əmək pensiyası üç pillədən ibarətdir. Onun baza hissəsi, yığım hissəsi və sığorta hissəsi var. Sığorta hissəsini də ona görə yazırıq ki, burada söhbət hərbi qulluqçuların fərdi hesab uçotundan gedir. Sabah hərbi qulluqçu pensiyaya çıxanda onun fərdi hesab uçotu olsun və normal surətdə uçota uyğun pensiyasını ala bilsin. Hərbi qulluqçunun xeyrinə deyilmi? Əgər yadınızdadırsa, komissiyanın iclasında da dedim. “Əmək pensiyası haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar cənab Prezidentin bizə göndərdiyi bu dəyişikliklərə və əlavələrə müfaviq olaraq, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun qüvvədən düşür. Tamamilə məntiqlidir. Çünki hərbi qulluqçuların pensiya təminatı məsələsi artıq bu qanunla tənzimlənir. Jalə xanım, buyurun.
J. Əliyeva. Təşəkkür edirəm. Məndən bir az əvvəl çıxış edən həmkarım Fəzail müəllimin fikirlərinə şərik çıxdığımı bildirirəm. Əslində, o mənim toxunmaq istədiyim məsələləri qeyd etdi. Ona görə də mən təkrara yol vermək istəmirəm. Konkret olaraq mən də öz seçicilərimin mənə ünvanladığı çox sayda müraciətlərini birləşdirərək konkret fikrimi bildirmək istəyirəm. Elə başa düşürəm ki, sadəcə, mənə, Fəzail müəllimə və ya başqa millət vəkillərinə deyil, yəqin ki, hər birimizə bununla əlaqədar müraciətlər olur.
Konkret məsələ ondan ibarətdir ki, sovet dövründə işləmiş, ömrünün 30–40 ilini müxtəlif sahələrə həsr etmiş, dövlətə, xalqa vicdanla xidmət etmiş insanlar onlardan daha sonra işləməyə başlayan və daha sonra təqaüdə çıxan şəxslərdən daha az təqaüd alırlar. Həqiqətən də, cəmiyyətdə sosial ədalətlilik prinsipləri pozulur. Ona görə də mən xahiş edərdim ki, əlaqədar təşkilatlar, birinci növbədə Sosial Müdafiə Fondu bu məsələ ilə bir daha maraqlansın. Bu insanlara nə kimi köməklik göstərilə bilər? 1990-cı illərin əvvəllərində təqaüdə çıxanlar bu gün təqaüdə çıxanlardan daha az təqaüd alırlar. Amma halbuki onun stajı indi təqaüdə çıxanlardan daha çoxdur. Mən belə başa düşürəm ki, “Əmək pensiyaları haqqında” Qanuna bir də baxılmalıdır və müvafiq tədbir görülməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Hadi müəllim, buyurun.
H. Rəcəbli. Bizim deputat həmkarlarımız da görürlər ki, uzun müddətdir, pensiya islahatları ardıcıl olaraq aparılır. Burada çox maraqlı məsələlər var. Bu gün səslənən fikirlər, həqiqətən də, bizim komissiyanın üzvlərini də narahat edir.
İki istiqamət var. Sizin yadınızdadırsa, biz ilk dəfə fərdi üsula keçəndə bir müddət vaxt verdik ki, fərdi uçot sistemləşsin, vəsait toplansın. Biz hələ yığım pensiyası ilə məşğul deyilik. Müəyyən vaxtdan sonra yığım pensiyası da qanunlarla tənzim ediləcək. Amma biz istədik ki, məhdudiyyət məsələsini əvvəlki illərə də şamil edək. Mümkün olmadı. Biz ancaq ona nail olduq ki, 2006-cı il yanvarın 1-dən məhdudiyyəti götürdük. Biz pensiyanın aşağı həddini qaldırdıq və 50 manata çatdırdıq. Belə olan təqdirdə bizdə pensiya alanların təxminən 70 faizi 50 manatdan 70 manatadək pensiya alır. Amma yuxarı hədd dayandı. Aşağı həddi qaldırdıq, yuxarı hədd isə dayandı.
2006-cı il yanvarın 1-dən artıq yuxarı həddi götürdük. Beləliklə, 2006-cı ilin yanvarından kim pensiyaya çıxırsa, nə qədər əmək haqqı alırsa, artıq onun stajı da nəzərə alınır. Staj nəzərə alınmaqla hətta 85 faizə qədər pensiya ala bilir. Bunu məlumat üçün deyirəm. Mən bunu qabaqcadan səsləndirmək istəmirdim. Bizim büdcə paketində çox maraqlı sosial müdafiə elementləri gözlənilir. Bunlardan başlıcası əvvəlki illərdəki həmin məhdudiyyəti götürməkdir. Yəni pensiyaların yenidən hesablanması prosesi gedəcək. 2006-cı ildən qabaq da kim pensiyaya çıxıbsa, onun da yüksək həddi götürüləcək. Beləliklə, bütün pensiya sistemində indiki vəziyyəti ehtiva edəcək. Əvvəllər pensiya sənədlərinı toplamaq vaxt aparırdı. İndi kompüterləşib. Beləliklə, bu məsələ də öz həllini tapacaq. Üstəlik gələn ildən pensiyaların sığorta hissəsinin indeksləşməsi gerçəkləşdiriləcək. Beləliklə, sosial müdafiə daha da güclənəcək. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov fəallıq nümayiş etdirir. Buyurun.
S. Novruzov. Təşəkkür edirəm, cənab Sədr. Burada VI fəslin 24-cü maddəsi deputatlara aiddir. Təbii ki, pensiyaya çıxmağıma xeyli var. Amma keçmişdə biz burada qərar qəbul etmişdik ki, pensiyaya çıxan Milli Məclisin deputatı əmək haqqının 80 faizini almalıdır. Bu qalxdıqca, proses dəyişdikcə, o da dəyişir. Amma burada yeni variant təklif olunur. “Deputat və sabiq deputat vəfat etdikdə onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Biz bunu özəl şəkildə qəbul etmişik. Bunu aparıb onun içinə salmayın.Bir vaxt hakimlərin əmək haqqını da gətirib bizim əmək haqqına bağladılar. Bizim maaş artdıqca hakimlərin maaşı da bir ucdan artmağa başladı. Deputatlar xüsusi səlahiyyətə malikdirlər. Onları aparıb ümumi sistemə salmaq olmaz. Mən hesab edirəm ki, bunu xüsusi qaydada saxlamalıyıq. Ümumiyyətlə, bu, deputat həmkarlarımla bağlı olan məsələdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, orada heç bir dəyişiklik yoxdur. Diqqətlə oxuyun. Orada söhbət, Allah eləməsin, vəfat etmiş deputatdan gedir. Qanun öz qüvvəsində qalır. Gülər xanım, nə təkid edirsiniz? Milli Məclisin yaxşı bir qaydası var, hamı oturur, fikirləşir və birdən düyməni basır. Buyurun, bir cümlə ilə fikrinizi çatdırın.
G. Əhmədova. İcazə verdiyiniz üçün təşəkkür edirəm. Mən bir cümlə ilə qeyd etmək istəyirəm ki, həmkarım Siyavuş Novruzovun fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, doğrudan da, onun fikirləri nəzərə alınmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 86
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədədir. Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə layihəni müzakirə edirik.
Bu Qanunda iki maddəyə dəyişiklik edilib. Birincisi 14-cü maddədə kütləvi informasiya vasitəsinin təsis edilməsi haqqındadır. Həmin maddəyə aşağıdakı məzmunda əlavə olunur: “Kütləvi informasiya vasitələrinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə və müəssisələrin, yerli özünüidarəetmə orqanlarının adından istifadə olunmasına həmin qurumların razılığı ilə yol verilir”. Digər maddə məcburi nüsxələrlə bağlıdır. Bununla əlaqədar biz xeyli söhbət etmişik. Burada “Kitab Palatası” sözlərindən sonra “Azərbaycan Mətbuat Şurası” sözləri əlavə edilib.
Biz həmişə kitabların, dövri mətbu nəşrlərin pulsuz məcburi nüsxələrini Milli Kitabxanaya, Kitab Palatasına göndərirdik. Burada məni maraqlandıran bir məqam var. Vaxtı ilə Kitab Palatası fəaliyyət göstərirdi. İndiki Atatürk Mərkəzinin qarşısında Kitab Palatası var idi. Böyük tarixə malik olan Kitab Palatası idi. Bu gün onun taleyi necə oldu? Bu kitabları biz hara göndəririk? Bundan heç bir xəbər yoxdur. Atatürk Mərkəzinin qarşısından onu hara köçürdülər? Sonra öyrəndik ki, indi Moskva prospektindədir. Daha sonra harasa getdi. Yaxşı, biz bunları göndəririk. Heç olmasa, hara göndərdiyimizi bilməliyik. Orada toplanır, ya toplanmır? Mənim yadıma gəlir ki, orada gözəl kitablar toplanmışdı. Sonra hamısı məhv olub getdi. Mən çox istərdim ki, həmin ünvanlara göndərdiklərimiz, heç olmasa, orada qorunsun, saxlanılsın. Amma çox təəssüf ki, Kitab Palatasından bir məlumat yoxdur. Amma hesab edirəm ki, Azərbaycan Mətbuat Şurasının özünün kitabxanası olacaq və həmin mətbu nəşrlər orada öz yerini tapacaq. Hörmətli millət vəkilləri, bu dəyişikliklərə münasibətinizi bildirməyinizi xahiş edirəm.
Sədrlik edən. Aynur Quliyeva, buyurun.
A. Quliyeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilən bu dəyişiklik və əlavələr çox vacib və əhəmiyyətlidir. Hətta bir az gecikmiş məsələdir. Çünki bu gün ölkədə dövlət təşkilatlarının, idarə və müəssisələrin, nazirlik və komitələrin adını daşıyan, amma rəsmən onun orqanı olmayan xeyli sayda qəzet və jurnal var. Hətta bizim üzv olduğumuz Milli Məclisin, parlamentin adını daşıyan qəzetlər var ki, fəaliyyət göstərirlər. Bəzən Milli Məclisin adına, fəaliyyətinə, nüfuzuna uyğun gəlməyən yazılar dərc edirlər. Həmin mətbu orqanlar Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçir və əksəriyyəti hazırda nəşr olunur. Mən bilmək istəyərdim ki, qanundakı bu əlavə və dəyişiklik qüvvəyə minəndən sonra həmin qəzetlərin taleyi, vəziyyəti necə olacaq? Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Kitab Palatası məsələsi bizim çox yaralı yerimizdir. Kitabxanaya gedib-gələnlər bu məsələni bilirlər. Mən çox təəssüflə deyim ki, Milli Kitabxanamızda hətta kütləvi informasiya vasitələrinin nümunələrini belə tapa bilmirik. Hətta dövlət orqanlarının, icra hakimiyyəti orqanlarının nəşrlərinin də çox vaxt nüsxələrini apa bilmirik.
Rəbiyyət xanım, yəqin ki, məlumat verər. “Kitab Palatası” deyəndə “Milli Kitabxana”nı da nəzərdə tuturuq, ya yox? Çünki Milli Kitabxana xüsusi statusa malik olan bir kitabxanadır və bir qədər fərqlidir. Mən kitab fondunun, jurnal və qəzet fondunun işçiləri ilə tez-tez ünsiyyətdə oluram. Hamısı deyir ki, Azərbaycanda nəşr olunan kitablar, kütləvi informasiya vasitələrinin nüsxələri bura göndərilmir. Bununla əlaqədar təklif edirəm ki, təşkilatlar, müvafiq qurumlar buna əməl etmədiyinə görə bizim Milli Məclisin müvafiq komissiyaları İnzibati Xətalar Məcəlləsində, ya hansısa başqa qanunvericilik aktında müəyyən çəkindirici, cəzalandırıcı məsuliyyət tədbirləri nəzərdə tutsunlar.
“Kütləvi informasiya vasitələri haqqında” Qanundan başqa, ümumiyyətlə, nəşriyyat fəaliyyəti ilə bağlı digər qanunvericilik aktlarına da dəyişiklik edilməsinə ehtiyac vardır. Çünki bizdə olduqca külli miqdarda kitablar çap olunur. Təəssüf ki, onlar bizim dövlət kitabxanalarından, o cümlədən Kitab Palatasından kənarda qalır. Əvvəllər Kitab Palatasının hətta xüsusi kataloqları çıxırdı. Tələbəlik illərində kitabxanada məşğul olanların hamısı xatırlayır ki, Kitab Palatasının kataloqları çıxırdı. Düzdür, əvvəllər SSRİ-də çıxan bütün kitabları özündə əhatə edən belə kataloqlar var idi. Hazırda mən bunu mühüm sayıram. Bizim Mədəniyyət məsələləri daimi komissiyasının diqqətini ona cəlb edirəm ki, bu məsələnin daha geniş şəkildə əhatə olunması üçün müvafiq qanunvericilik aktlarına əlavələr işləyib hazırlasınlar, yaxud xüsusi qanunvericilik aktları hazırlasınlar. Çox böyük məmnuniyyətlə bu dəyişikliyə səs verəcəyik.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Kütləvi informasiya vasitələri ilə bağlı qanunvericilik aktlarına bu və ya digər dəyişikliklər sosial sifarişdirsə, ona hörmətlə yanaşmaq lazımdır və onu etmək lazımdır. Bu baxımdan mən onun tərəfdarıyam ki, kütləvi informasiya vasitələrinin fəaliyyətinə müsbət təsir göstərə bilən hər hansı bir dəyişiklik millət vəkilləri tərəfindən müsbət qarşılanmalıdır. Lakin burada çox vacib bir məqam var. Mən ümidvaram ki, çox dəyərli millət vəkilləri də bununla bölüşəcəklər.
Söhbət ondan gedir ki, ümumiyyətlə, kütləvi informasiya vasitələri sərbəst olmalıdırlar. Kütləvi informasiya vasitələri hər hansı bir qurumun, hər hansı bir siyasi partiyanın təsiri altında olmalı deyillər. Çünki belə olanda özünün müstəqilliyini itirir, söz azadlığı problemi yaranır, korporasiya maraqları və ya digər məqsədlər kütləvi informasiya vasitələrinin gündəliyinə çıxır. Beləliklə, bu, problem yaradır və problem yaratmaqda davam edir. Ona görə də bu cür dəyişiklik, əslində, daha sərt qoyulmalı idi. Deyilməli idi ki, hər hansı beynəlxalq təşkilatın, dövlət orqanlarının, siyasi partiyaların kütləvi informasiya vasitələri nəşr etmək hüququ yoxdur. Bəlkə biz belə edək. Ola bilsin ki, kiminsə düşüncəsinə görə bu, demokratiyaya ziddir. Lakin bu, Azərbaycanda problem yaradır.
Baxın, bu gün iqtidar qəzetləri ilə müxalifət qəzetləri arasında hansı döyüş gedir, hansı mübarizə gedir. Hər şey yaddan çıxır, artıq biri digərinə qarşı söz müstəvisində cihad elan edir, biri digərinə müharibə elan edir. Beləliklə, Azərbaycanda sərbəst, müstəqil mətbuatın formalaşmasında ciddi problemlər yaranır. Ona görə də mənə elə gəlir ki, biz bu məhdudiyyətləri tamamilə aradan qaldırmalıyıq. Elə bir qanun qəbul etməliyik ki, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin müstəqil və azad olunmasını təmin edən hər hansı bir məhdudiyyət, hər hansı qanuni baza olmasın və beləliklə, Azərbaycanda müstəqil mətbuatın formalaşmasına imkan yaradaq. Düşünürəm ki, Azərbaycan mətbuatına yetərincə fikir versəniz, mənim dediklərimin həqiqət olduğu qənaətinə gələrsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail müəllim, Siz dediyiniz təklif dünyanın heç bir yerində həllini tapmayıb. Bizə həmin səviyyəyə çatmaq üçün vaxt lazımdır. Siz deyən kimi, əgər ayrı-ayrı təşkilatlar, ayrı-ayrı partiyalar həmin qəzetləri maliyyləşdirməsələr, demokratik qəzetlər də çox olar, qəzetlərin sayı da azalar, məzmunu yaxşılaşar, müstəqillik də olar. Ancaq buna biz yavaş-yavaş gedirik. Buna birdən-birə çatmaq mümkün deyil. Avropanın inkişaf etmiş ölkələri hələ bu mərhələyə çatmayıblar. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim çox danışmaq fikrim yoxdur. Lakin burada çox ciddi və əhəmiyyətli bir məsələyə toxunulduğuna görə mən rəyimi və fikrimi bildirmək istəyirəm.
Kütləvi informasiya vasitələri ilə əlaqədar əlavə və dəyişiklik çox yerindədir. Bir məsələ haqqında Rəbiyyət xanım xüsusi danışdı. Mən xahiş edirəm, bütün deputatlar Kitab Palatası ilə əlaqədar məsələyə diqqət yetirsinlər. Sovet dövründə çap olunan kitabların, 500–1000 nüsxə də çap olunsa, 20–25 nüsxəsi müvafiq kitabxanalara, o cümlədən Moskvadakı Lenin adına kitabxanaya, bizdəki Axundov adına kitabxanaya da göndərilirdi. Beləliklə, həmin kitablar bölüşdürülürdü. İndi belə şey yoxdur. Az qala hər küçədə hərə özü üçün bir mətbəə açır. Böyük mətbəələr hər kitabdan sənə 5–10 nüsxə verirlər. Soruşursan ki, axı, Siz də nəşriyyatsınız, bəs müvafiq kitabxanalara göndərmirsiniz? Kitab Palatasına bu kitablar gedir, ya getmir? Kitab Palatasının heç adını da, yerini də bilmir. Beləliklə, bizim ictimaiyyətimiz nəşriyyatlardan, kitablardan bixəbər olurlar. Bu məsələ çox vaxtında və yerində qaldırıldı. Kitablar Kitab Palatasına da, müvafiq elmi müəssisələrə də, kitabxanalara da göndərilməlidir və bu, qanunlarımızda əsaslandırılmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.06 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi