2007-ci il 30 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  66

Milli  Məclisin  iclas  salonu.
30  noyabr  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir
 

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
Etibar Pirverdiyev, "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vəli Nəcəfqulubəyov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsi müdirinin müavini.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında.
3. Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında.
4. Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
7. Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il üçün xərclər smetası haqqında.
8. Azərbaycan Respublikası Hesablama Palatasının 2008-ci il üçün xərclər smetası haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
7. “Azərbaycan Respublikası Hesablama Palatasının 2008-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
 

 Azərbaycan  Respublikası
 Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

30  noyabr  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hökumət üzvləri! Xahiş edirəm, deputatlar qeydiyyatdan keçsinlər.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 97
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, biz son dörd iclasda 2008-ci ilin dövlət büdcəsini müzakirə elədik və hökumətə vaxt verdik ki, həmin iclaslarda səslənən təklifləri təhlil etsin və müzakirələrdən sonra büdcədə edilən dəyişikliklər barədə bizə burada məlumat versin. İndi bu barədə çıxış etmək üçün söz verilir maliyyə naziri Samir Şərifova.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2008-ci il üzrə dövlət və icmal büdcə layihələrini Milli Məclisin bir neçə iclasında ətraflı müzakirə edərək, onları müsbət qiymətləndirdiklərinə görə bütün millət vəkillərinə dərin minnətdarlığımı bildirirəm. Müzakirələr zamanı 82 nəfər çıxış etmiş və çıxışlarda qanunvericilik bazasının gücləndirilməsi, büdcə prosesinin təkmilləşdirilməsi, vəsaitlərin istifadəsində dövlət və ictimai nəzarətin artırılması istiqamətində hökumətin gördüyü müsbət işlər qeyd olunmuşdur.
Bununla yanaşı, hörmətli millət vəkilləri tərəfindən əhalinin maddi rifah halının yaxşılaşdırılması, elm, təhsil, səhiyyə, müdafiə, sənaye və aqrar sahələrdə mövcud potensialın gücləndirilməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi və bu kimi digər dövlət əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi istiqamətində bir sıra dəyərli təklif və tövsiyələr də irəli sürülmüşdür. Eyni zamanda, hökumət qarşısında Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərlə bağlı bir sıra məsələlər qaldırılmış, suallar verilmiş və bunlar haqqında daha ətraflı məlumat verilməsi xahiş edilmişdir.
Zənnimcə, burada səsləndirilən suallara müzakirə zamanı həm maliyyə naziri, həm də digər hökumət üzvləri və dövlət orqanlarının nümayəndələri tərəfindən ətraflı cavablar verilmişdir. Bununla belə, qeyd etmək istərdim ki, dövlət və icmal büdcələr üzrə bəzi xərclərin artırılması ilə bağlı irəli sürülən təkliflərin böyük qismi 2008-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapmışdır.
Eyni zamanda, onu da qeyd etmək istərdim ki, müzakirələr zamanı bir sıra tənqidi şərhlər də səsləndirilmişdir. Bunların bir qismi, hesab edirəm ki, tam konstruktiv və hökumət üçün faydalı şərhlərdir. Bəziləri isə, əfsuslar olsun ki, qərəzli, əsassız və həqiqətdən uzaq olan fərziyyələrdir.
Hörmətli millət vəkilləri, müzakirələr zamanı qaldırılan məsələlər hökumət tərəfindən ətraflı və diqqətlə öyrənilmiş, onların həlli yolları, tətbiqi mexanizmi müəyyənləşdirilmiş, bu barədə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə ətraflı məruzə edilmişdir. Büdcə imkanları daxilində həmin məsələlərin ən vaciblərinin nəzərə alınması cənab Prezident tərəfindən məqsədəuyğun hesab olunmuşdur.
Dövlət büdcəsi layihəsində xərclər və gəlirlərlə bağlı edilmiş dəyişiklikləri diqqətinizə çatdırmaq istərdim. İlk növbədə onu qeyd etmək istərdim ki, dövlət büdcəsinin gəlirləri və xərcləri bərabər səviyyədə 9,9 milyon manat artırılmışdır. Bu daxilolmalar, əsasən, Milli Məclis tərəfindən müzakirə edilərək qəbul olunan Vergi və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklərlə bağlıdır. Söhbət bu əlavə və dəyişikliklərə uyğun olaraq 2008-ci ildə vergi və yol polisi orqanları tərəfindən tətbiq ediləcək cərimə və maliyyə sanksiyaları, habelə “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı bir sıra büdcə təşkilatları üzrə büdcədənkənar gəlirlər hesabına təmin olunan daxilolmalardan gedir. Büdcədənkənar gəlirlər hesabına dövlət büdcəsi xərclərində nəzərdə tutulan artım həmin vəsaitlərin toplanmasını təmin edən büdcə təşkilatlarının maddi-texniki təminatının gücləndirilməsinə, bu orqanlarda çalışan işçilərin əmək şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək.
Eyni zamanda, qeyd etmək istərdim ki, dövlət büdcəsinin xərcləri daxilində bir sıra yerdəyişmələr də edilmişdir. İlk növbədə dövlət büdcəsinin ehtiyat fondunun 62 milyon manatı, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin isə 18,5 milyon manatı (cəmi 80,5 milyon manat) azaldılaraq bu yaxınlarda Milli Məclis tərəfindən qəbul edilmiş bir sıra qanunların, ölkə Prezidenti tərəfindən imzalanmış fərman və sərəncamların, eyni zamanda, müzakirələr zamanı sizlərin təklif etdiyiniz vacib məsələlərin maliyyə təminatına yönəldiləcəkdir.
Öncə “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, dövlət zəmanəti üzrə uzun müddətə verilmiş borc öhdəliklərinin yerinə yetirilməsi risklərinin sığortalanması üçün qəbul edilmiş beynəlxalq maliyyə öhdəliklərinə düzgün və vaxtında əməl etmək məqsədilə yaradılmış dövlət zəmanəti ilə alınan borcların təminat fonduna 50 milyon manat vəsaitin yönəldilməsini təklif edirik. Qeyd etdiyim kimi, bu məqsədlə dövlət büdcəsinin ehtiyat fondunu mütəmadi şəkildə azaldacağıq. Onu da qeyd etməliyəm ki, plenar iclasda dövlət büdcəsinin müzakirəsi zamanı bu məsələ, yəni “Dövlət borcu haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi müsbət qiymətləndirilmiş və bütün deputatlar buna səs vermişlər.
Digər tərəfdən, Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında” Qanun qəbul edilmiş və bununla əlaqədar yeni inzibati ərazi vahidlərinin yaradılmasının maliyyə təminatı məsələləri bizim qarşımızda qoyulmuşdur. Bu məsələlər də büdcə dəyişikliklərində öz əksini tapmışdır.
Bir sıra hörmətli millət vəkillərinin təklifləri əsasında Azərbaycan Respublikası Milli Məclisinin ezamiyyə xərclərinin artırılması, xarici qonaqların qəbulu, avtomobillərin alınması və sair məqsədlərlə zəruri xərclərin artırılması üçün 1,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Beləliklə, 2008-ci ilin dövlət büdcəsi layihəsində gəlirlər 7 milyard 393 milyon manat, xərclər isə 8 milyard 519 milyon manat təşkil edəcəkdir. Müvafiq olaraq “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunan icmal büdcənin xərclərinin yuxarı həddi 10 milyard 192 milyon manat təşkil edəcəkdir.
Aparılmış yerdəyişmələrdən sonra funksional təsnifata uyğun olaraq mənzil-kommunal təsərrüfatı xərclərinin 8,2 milyon manat, məhkəmə hakimiyyəti və hüquq mühafizə xərclərinin 9,6 milyon manat, qanunvericilik, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının saxlanılması üçün xərclərin 6,3 milyon manat, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, informasiya təminatı xərclərinin 3,4 milyon manat, nəqliyyat və rabitə, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinin 1,5 milyon manat, başqa kateqoriyalara aid edilən dövlət xidməti xərclərinin 1,5 milyon manat artırılması, sənaye, tikinti və faydalı qazıntılar xərclərinin 18,5 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərin isə 2,1 milyon manat azaldılması nəzərdə tutulur.
İqtisadi təsnifat üzrə əmək haqqı xərcləri 9,4 milyon manat, əmək haqqına üstəlik xərcləri 1,4 milyon manat, ərzaq xərci 3,1 milyon manat, dərman və sarğı ləvazimatlarının alınması xərci 1,2 milyon manat, inventar və avadanlığın alınması xərci 3,5 milyon manat, abadlaşdırma xidmətləri xərci 8,2 milyon manat, ezamiyyə, dəftərxana, təsərrüfat, nəqliyyat və kommunikasiya xidmətləri xərcləri 2,8 milyon manat artacaq. Digər tikililərin inşası ilə bağlı xərclər 18,5 milyon manat, yumşaq inventar və avadanlığın alınması xərcləri isə 1,2 milyon manat azalacaqdır.
Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə məcburi dövlət sosial sığorta haqlarının 1 milyon 478 min manat artımı Dövlət Sosial Müdafiə Fondu büdcəsinin gəlir və xərclərinin də müvafiq olaraq bir o qədər artırılmasına imkan verəcəkdir. Bu vəsaitin 1 milyon 63 min manatının sanatoriya-kurort müalicəsi xərclərinə, 415 min manatının isə pensiya islahatlarının keçirilməsi üzrə müştərək maliyyələşdirmə layihəsində Azərbaycan tərəfinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub.
Eyni zamanda, müzakirələr zamanı səslənmiş bir sıra mühüm məsələlərlə əlaqədar da fikrimi bildirmək istərdim. Keçmiş SSRİ-nin əmanət bankında dondurulmuş əmanətlərin qaytarılması məsələsi hörmətli millət vəkilləri tərəfindən yenidən qaldırılaraq ətraflı müzakirə edilmişdir. Bununla bağlı bir daha qeyd etmək istərdim ki, bu məsələ hökumət tərəfindən ciddi araşdırılır. Milli Məclis tərəfindən də bu məsələ ilə əlaqədar təkliflərin verilməsi, sözsüz ki, müsbət qarşılanacaq və bu işə yalnız fayda verəcəkdir.
Bir sıra millət vəkilləri hərbi qulluqçularımızın maaşlarının artırılması məsələsini də vacib hesab etmişlər. Bu məsələ də ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. 2008-ci ilin dövlət büdcəsi layihəsində müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırılacaqdır.
Bizim büdcə konservativ əsaslarla tərtib olunmuşdur. Bildiyiniz kimi, dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin qiyməti 1 barel üzrə 50 dollar götürülmüşdür. Beynəlxalq bazarların mövcud konyunkturasını nəzərə alsaq, dövlət büdcəsinə xeyli əlavə gəlirlərin daxil olması imkanları mövcuddur və mən tam əminəm ki, bu, nəzərə alınaraq burada qaldırılan məsələlərin həlli istiqamətində ölkə Prezidenti tərəfindən müvafiq addımlar atıla bilər.
Burada qaldırılan məsələlərdən biri də sosial müdafiənin gücləndirilməsi barədə idi. Qeyd etmək istərdim ki, bu məsələnin həlli üçün də dövlət büdcəsinin əlavə gəlirlərindən istifadə oluna bilər. Bu barədə qərarlar, hesab edirəm ki, 2008-ci il dövlət büdcəsinin icrası zamanı qəbul oluna bilər. Lakin biz bu qərarların qəbul edilməsi zamanı inflyasiya təzyiqlərini də nəzərə almalıyıq. Hər halda bu məsələlərin həlli onların ciddi araşdırılmasını tələb edir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, çıxışımın sonunda bir daha bildirmək istərdim ki, 2008-ci ilin dövlət və icmal büdcələri haqqında qanun layihələrinin Milli Məclis tərəfindən təsdiq olunması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin mövcud iqtisadi potensialından səmərəli istifadə etməklə onun iqtisadi qüdrətinin artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun və işsizliyin azaldılması istiqamətində hökumətin növbəti ciddi addımına dəstək olacaqdır. Mən hörmətli millət vəkillərini 2008-ci ilin dövlət və icmal büdcəsi layihələrinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Maliyyə naziri hörmətli Samir müəllim büdcənin müzakirəsindən sonra büdcədə edilən dəyişikliklər barədə ətraflı məlumat verdi. Tam məsuliyyətlə bildirmək istəyirəm ki, büdcə layihəsində edilən dəyişikliklər köklü, fundamental xarakter daşıyır və 2008-ci il büdcəsinin Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edəcəyini bir daha təsdiqləyir. Dövlət borcu ilə əlaqədar olaraq, ”Büdcə sistemi haqqında” Qanunun tələblərinə müvafiq surətdə edilən dəyişikliklər, şübhəsiz ki, ölkənin milli maraqlarına cavab verir.
Millət vəkilləri müzakirələr zamanı məsələ qaldırmışdılar ki, Vergi Məcəlləsində fiziki şəxslərdən tutulan gəlir vergisinin yüksək faiz dərəcəsi tətbiq edilən minimum həddi 1500 manatdan 2000 manata qaldırılsın. Bu dəyişiklik müvafiq maliyyə təminatının tapılmasını tələb edirdi. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi millət vəkillərinin bu təkliflərini nəzərə alıb, onun müsbət həllinə nail olmuşlar. Milli Məclis Aparatının saxlanması, deputatların iş şəraitinin yaxşılaşdırılması və xidməti ezamiyyətləri ilə əlaqədar təklif olunan dəyişikliklər də büdcənin son variantında öz əksini tapmışdır.
Dünən dünya miqyaslı iqtisadçı alim Arnold Harnerqlə görüşdük. Hörmətli Əli müəllim də bu görüşdə iştirak edirdi. Arnold Harnerq dünyada tanınan ən məşhur alimlərdən, Çikaqo Universitetinin, Çikaqo iqtisad məktəbinin ağsaqqallarından biridir. O dedi ki, Azərbaycanda gedən proseslər, Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər, bu yaxınlarda müzakirə etdiyiniz büdcə layihəsi ölkənizin milli maraqlarına cavab verir və bizim tərəfimizdən də müsbət qarşılanır.
Mən sizə açıq deyim ki, onun Azərbaycan büdcəsi haqqında, Azərbaycanın maliyyə resursları haqqında, Azərbaycanda gedən proseslər haqqında kifayət qədər məlumatı vardır. Biz bir sıra prinsipial məsələlər barədə fikir mübadiləsi apardıq, amma onun çıxardığı əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın bugünkü büdcə siyasəti, maliyyə siyasəti, bank, pul-kredit siyasəti, vergi siyasəti ölkədə aparılan islahatların daha da dərinləşməsinə xidmət edir. Təbii ki, həmin söhbətlər əsnasında o, büdcə şəffaflığı, büdcə resurslarına nəzarət ilə əlaqədar bir sıra təkliflər də irəli sürdü. Mən ona dedim ki, həmin təkliflər də artıq siz millət vəkilləri tərəfindən səsləndirilmişdir.
Samir müəllimin verdiyi məlumatlardan aydın oldu ki, büdcə xərclərinin strukturunda edilən dəyişikliklər büdcə resurslarından istifadənin səmərəliliyinə xidmət edir. Samir müəllim tamamilə haqlı olaraq büdcənin ehtiyat fonduna diqqətlə yanaşmağı ön plana çəkdi və ondan ancaq strateji məqsədlər üçün istifadə edilməsini vurğuladı.
Mən vaxtınızı çox almaq istəmirəm. Büdcədə edilən bütün dəyişikliklər pozitiv xarakter daşıyır. 2008-ci il dövlət büdcəsinin layihəsi son beş il ərzində Azərbaycanda aparılan iqtisadi inkişaf strategiyasının bir növ məntiqi nəticəsi kimi qiymətləndirilir. Həqiqətən, 2008-ci ilin büdcəsi 2003-2004-cü illə müqayisədə Azərbaycanın keyfiyyətli inkişafından xəbər verir. Ona görə də mən millət vəkillərindən xahiş edərdim ki, bu büdcə layihəsinin təsdiq edilməsinə səs versinlər.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hörmətli millət vəkilləri! 2008-ci ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan qanunvericilik aktları layihələrinin Milli Məclisdə dörd gün ərzində keçirilmiş müzakirəsində yetmiş yeddi millət vəkili və beş hökumət nümayəndəsi çıxış eləmiş və bu çıxışlarda çox önəmli təkliflər irəli sürülmüşdür. İcazə versəniz, mən də bu çıxışlarla əlaqədar mülahizələrimi beş dəqiqə sizinlə bölüşərəm, sonra səsverməyə başlayarıq. Etiraz yoxdur?
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bildiyimiz kimi, müəllifi ümummilli liderimiz Heydər Əliyev olan ölkənin sosial-iqtisadi inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etdirilir və Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni səviyyəyə yüksəlir.
Yalnız onu qeyd etmək kifayətdir ki, son üç ildə ümumi daxili məhsulun həcmi 2 dəfə, dövlət büdcəsinin gəlirləri 3 dəfəyə yaxın artmış, ölkədə, ilk növbədə regionlarda çoxsaylı yeni müəssisələrin fəaliyyətə başlaması, yüz minlərlə iş yerinin açılması sayəsində yoxsulluğun səviyyəsi 2 dəfədən çox azalmış, əhalinin pul gəlirləri nəzərəçarpacaq dərəcədə artmışdır.
Bəzi çıxışlarda ümumi daxili məhsulda və dövlət büdcəsinin gəlirlərində hasilat sənayesinin, ilk növbədə neft-qaz sektorunun xüsusi çəkisinin çox olmasından narahatçılıq ifadə edildi. Mən burada təəccüb doğuran heç nə görmürəm. Çünki biz dünyanın bir çox aparıcı neft şirkətləri ilə çoxsaylı müqavilələr imzalamışıq. Onların bəzilərinin icrasına artıq başlanılmışdır. Enerji resurslarımızı Avropa bazarlarına çıxaran dörd neft ixracat xətti artıq işləyir. Eyni zamanda, qeyd etməliyəm ki, hazırda bizim dünya bazarına təklif edə biləcəyimiz əsas əmtəə elə neft və neft məhsullarıdır. Buna görə də ixracatda neftin xüsusi çəkisinin yüksək olması labüddür.
Bu gün Azərbaycanın neft gəlirlərinin artmasının dövlət büdcəsində də öz əksini tapması təbiidir. Neft istehsal edən ölkələrin təcrübəsi göstərir ki, onlar hasilatın ilkin mərhələsində neft gəlirlərini dövlət büdcəsinə, sosial və investisiya layihələrinin maliyyələşdirilməsinə yönəltmişlər. Biz yaxın gələcəkdə “neft bumu”nun ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərəcəyini, ölkədə “holland sindromu” təhlükəsi yaradacağını düşünmürük və hesab edirik ki, əksinə, neftdən əldə olunan vəsaitlərdən səmərəli istifadə Azərbaycanın sürətli inkişafına kömək edəcəkdir.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, cənab Prezident İlham Əliyev neft amili barədə danışarkən çox düzgün olaraq qeyd edir ki, biz Azərbaycanın əsas sərvəti olan neftə məqsəd kimi yox, vasitə kimi baxırıq. Həyat bu tezisin düzgünlüyünü sübut edir. Biz neftdən əldə olunan gəlirləri infrastrukturun yenidən qurulmasına, qeyri-neft sektorunun inkişafına, yoxsulluğun azaldılmasına, ölkənin əsas potensialı olan insan kapitalının inkişafına, bütövlükdə Azərbaycanın tərəqqisinə yönəldirik. Bizim neft strategiyamızın əsas məqsədlərindən biri də neft gəlirlərindən həm bugünkü, həm də gələcək nəsillərin bəhrələnməsini təmin etməkdir. Bu bəhrələnmə gələcək nəsillərə təkcə pul aktivləri formasında deyil, əsasən, yaradılmış, qurulmuş maddi sərvətlər və əsas fondlar şəklində çatdırılacaqdır.
Hesab edirəm ki, hökumət iqtisadiyyatın yaxın gələcəkdə neft amilindən asılılığını minimum səviyyəyə endirmək üçün müvafiq addımlar atır. 2008-ci ilin iqtisadi proqnozunda ümumi daxili məhsulun strukturu, qeyri-neft sektorunun inkişafı, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında qeyri-neft sektorundan daxilolmaların artım tempinin neft sektorundan daxilolmalarla müqayisədə dəfələrlə çox nəzərdə tutulması, daxili investisiyaların həcminin xarici investisiyaların həcmini iki dəfədən çox üstələməsi və onların əsasən qeyri-neft sektorunun inkişafına yönəldilməsi bu addımların düzgünlüyünə və səmərəli olmasına əyani sübutdur. Büdcə zərfinə daxil olan sənədlərdən göründüyü kimi, bu işlər gələcəkdə də davam etdiriləcəkdir.
Hökumətin Azərbaycanda istehsal edilən digər məhsulların ixracını genişləndirmək məqsədi ilə həyata keçirdiyi tədbirləri xüsusilə qeyd eləmək istəyirəm. Hazırda ölkəmizdə istehsal olunan pambıq lifi, mahlıc, şəkər tozu, kimya məhsulları, meyvə və tərəvəz, onlardan alınan şirələr, konservlər, təmizlənmiş fındıq məhsulu, emal olunmuş çay, qara kürü, təbii ipək məhsulları, alüminium oksidi və digər məhsullar dünya bazarlarında özünə yer tapmışdır.
Məlum olduğu kimi, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına qəbul olunmaq ərəfəsindədir. Yaxın gələcəkdə biz dünya bazarlarına elm və texnikanın son nailiyyətləri əsasında istehsal olunan rəqabət qabiliyyətli məhsullar çıxarmalıyıq. Bunun üçün isə müasir texnologiyaların, avadanlığın alınmasına böyük həcmdə investisiya qoymalıyıq.
Hörmətli millət vəkilləri, 2008-ci ilin dövlət büdcəsi layihəsinin müsbət cəhətləri sizin bir çox çıxışlarınızda qeyd olundu. Burada mütərəqqi kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verdiyi, onun sosial yönümlü və investisiya tutumlu xarakterinin saxlanıldığı göstərildi. Ancaq bəzi çıxışlarda büdcə xərclərində investisiyaya yönəldilən vəsaitlərin artmasına irad bildirildi, onların bütövlükdə sosial sahəyə yönəldilməsi təklif edildi. Lakin bilməliyik ki, yönəldilən bu investisiyaların böyük hissəsi məhz onların söylədikləri sosial sahələrin, yəni təhsil, səhiyyə, mədəniyyət və sair kimi sahələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə, orada çalışanların şəraitinin yaxşılaşdırılmasına sərf olunur. Təqdim olunmuş investisiya proqramlarından göründüyü kimi, sosial və infrastruktur sahələrinə yönəldilən investisiya xərclərinin əksər hissəsi 50–100 il əvvəl inşa edilmiş və bu gün ciddi aşınmaya məruz qalan obyektlərin, mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulmasına yönəldilir. Əgər dövlət bu obyektlərin bərpasına indidən başlamasa, gələcəkdə bu xərclər iki dəfə arta bilər.
Bəzi millət vəkilləri büdcə gəlirlərinin formalaşmasında regionlardan vergi daxilolmalarının xüsusi çəkisinin az olmasına istinad edərək, yaradılmış iş yerlərinin səmərəsizliyini göstərməyə çalışdılar. Bildiyiniz kimi, regionlardakı fəaliyyət əsasən kənd təsərrüfatı ilə əlaqədardır. Kənd təsərrüfatı istehsalçıları isə son illərdə və qarşıdakı dövrdə doqquz vergi növündən yalnız birinə, cüzi məbləğdə torpaq vergisinə cəlb olunurlar. Özü də bu vergitutmanın məqsədi dövlət büdcəsinin gəlirlərini artırmaq deyil, torpaqlardan səmərəli istifadəni stimullaşdırmaqdır.
Digər tərəfdən, həmin ərazilərdə fəaliyyət göstərən iri özəl müəssisələr vergi ödəmələrini Vergilər Nazirliyinin Bakı şəhərində yerləşən İri vergi tədiyyəçiləri departamenti vasitəsilə həyata keçirirlər. Bunun nəticəsi olaraq, onların ödədiyi vergilər regionların uçotuna düşmür. Belə müəssisələrə İmişli şəkər zavodunu, rayonlardakı konserv, şirə və şərab zavodlarını, tütün fermentləşdirmə müəssisələrini, çay fabriklərini misal göstərmək olar.
Bəzi çıxışlarda kənd təsərrüfatının potensial imkanlarından az istifadə olunmasından, bu sahəyə dövlət büdcəsindən az vəsait ayrılmasından söhbət gedir. Məlumdur ki, Azərbaycanda kənd təsərrüfatı məhsulunun 90-95 faizi suvarılan torpaqlarda becərilir və buna görə də bu sahə meliorasiya və irriqasiya sektoru ilə sıx əlaqədardır. Bu səbəbdən də büdcə xərcləri strukturunda meliorasiya və irriqasiya tədbirləri kənd təsərrüfatının tərkib hissəsi kimi verilir. Gələn ilin dövlət büdcəsində irriqasiya və meliorasiya sahəsinə 205 milyon manata yaxın investisiya yönəldiləcəkdir. Eyni zamanda, dövlət kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə olunan yanacağın dəyərinin 50 faizinin ödənilməsini öz üzərinə götürməklə bu məqsəd üçün ildə 80 milyon manat vəsait ayırır. Millət vəkillərinin nəzərinə çatdırmaq istərdim ki, cənab Prezident hökumətin müvafiq strukturlarına yaxın illər üçün kənd təsərrüfatının, o cümlədən meliorasiya və irriqasiya sektorunun inkişafı ilə bağlı müvafiq dövlət proqramlarının hazırlanmasına dair tapşırıqlar verib. Bu proqramlarda, hörmətli millət vəkilləri, bu gün bizi narahat edən məsələlər də öz həllini tapacaqdır.
Mən hesab edirəm ki, 2008-ci ilin dövlət büdcəsi bizim tərəfimizdən çox konstruktiv və peşəkarlıqla müzakirə olundu. Əminəm ki, icra hakimiyyəti orqanlarının Milli Məclislə bütün sahələrdə bu cür əməkdaşlığı gələcəkdə də davam edəcək, Azərbaycanın sosial-iqtisadi tərəqqisinə xidmət edəcəkdir.
Hörmətli millət vəkilləri, mən təklif eləyərdim ki, biz Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanunu səsə qoyaq və qəbul edək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Keçən dəfə siz çıxış elədiniz, 10 dəqiqə danışdınız. Yenə suallar qaldı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Etiraz eləmirəm. Buyurun. İkram İsrafilov. Buyurun, görək nə qədər yeni sual verəcəksiniz?
İ. İsrafilov. Təşəkkür edirəm, Oqtay müəllim. Hər halda sual vermək hüququmuz varsa, bu sualların verilməsindən əndişələnməyə ehtiyac yoxdur. Mən hörmətli Samir müəllimə hərbi qulluqçuların əmək haqqının artırılması ilə bağlı qəbul elədikləri qərara görə təşəkkür eləyir və ümid edirəm ki, bundan sonra da hərbi qulluqçuların yaşayış vəziyyəti, maddi imkanları dövlətin nəzarətində olacaq.
Mən Samir müəllimdən xahiş eləyərdim ki, çıxışında rast gəlmədiyim bir məsələyə münasibət bildirsin. 2006–2010-cu illər üçün Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı proqram qəbul olunub və o proqramın tərkib hissələrindən birində Sumqayıtda fəaliyyət göstərən açıq tipli “Azəralüminium” Səhmdar Cəmiyyətində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi barədə müddəa var. Təbii ki, mən çıxışımda bunları deyə bilərdim. Amma o vaxt imkan olmadı. Bilirsiniz ki, Sumqayıtda son vaxtlar insanların “Azəralüminium”la bağlı narazılığı artmaqdadır. O müəssisədə zəhərli qazların, tozların tutulması üçün bir dənə də qurğu quraşdırılmayıb. Bu isə açıq desək, ekoloji təhlükənin yaranmasından xəbər verir. Samir müəllim, bu istiqamətdə dövlət büdcəsində hansısa bir vəsait nəzərdə tutulubmu? Mən xahiş eləyərdim, o barədə fikrinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn sualını versin, sonra Samir müəllim ikisinə bir yerdə cavab verər. Buyurun.
P. Hüseyn. Çox təşəkkür eləyirəm, hörmətli Sədr! Həqiqətən, dövlət büdcəsi layihəsinin builki müzakirəsini hər halda bizim iştirak elədiyimiz keçənilki müzakirələrdən irəliyə doğru bir addım kimi dəyərləndirmək mümkündür. Təəssüf ki, bu, büdcə zərfinin digər bəndlərinin müzakirəsinə aid edilə bilməz.
Hörmətli Oqtay müəllim, sualım həm sədarətə, həm də hörmətli nazirədir. Birincisi, büdcənin müzakirələrindən sonra edilmiş bu dəyişikliklərlə bağlı mətn nə bizim kompüterdə var, nə də bizə paylanıb. Ona görə də bunun səbəblərini mən bilmək istəyərdim. Dövlət büdcəsi layihəsinin son variantı müzakirə edilib, ya edilməyib? Bu barədə hörmətli Ziyad müəllim də çıxışında bir söz demədi. Hər halda bu barədə bizim məlumatımız olmalıdır.
Bununla bağlı yenə bir sual meydana çıxır. Bu sual büdcə müzakirələrinin proseduru ilə bağlıdır. Hörmətli Oqtay müəllim, burada bir sıra deputatlar, məsələn, Nəsib Nəsibli bu məsələyə toxunmuşdu. Bax indi deyə bilərsinizmi, biz, məsələn, keçən dəfə bu dövlət büdcəsi haqqında qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin hansı oxunuşunu keçirdik? “Büdcə sistemi haqqında” Qanuna görə, büdcənin müzakirəsi Milli Məclisin Daxili Nizamnaməsinə əsasən müəyyən edilir. Milli Məclisin Daxili Nizamnaməsində isə hörmətli Sədrə səlahiyyət verilməyib ki, büdcəni bir oxunuşda müzakirəyə çıxarsın. Ona görə bununla bağlı bir qədər anlaşılmazlıqlar yaranır. Hər halda mənim bu sualıma, yəqin ki, bir aydınlıq gətiriləcəkdir. Biz çox istəyərdik ki, bundan sonra bu xarakterli məsələlər aradan qaldırılsın.
Nəhayət, sonuncu məsələ. Mən bilmirəm, iqtisadi inkişaf naziri burada iştirak edir, ya yox. Əgər o indi burada çıxış edəcəksə, çıxış xeyli dərəcədə mənim indi verəcəyim sualın cavabına yönəlmiş olmalıdır. Respublika Prezidentinin müvafiq fərmanı ilə 2005-ci ildə regionların inkişafı istiqamətində bir sıra tədbirlər müəyyənləşdirilmişdir. Mənim deputat seçildiyim Sabirabad rayonu ərazisində onların, demək olar ki, hamısının müddəti artıq 2007-ci ildə başa çatmış və onların heç biri icra olunmamışdır. Artıq 2007-ci il də başa çatmaq üzrədir. Mən çox istəyərdim biləm ki, Prezidentin sərəncamında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi yeni dövlət büdcəsində hansı maliyyə fondu hesabına mümkün olacaqdır. Dövlət büdcəsində belə bir fond, belə bir maliyyə təminatını nəzərdə tutan hissə qalıbmı? Təşəkkür eləyirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah bəy, yəqin, Siz mənim çıxışıma diqqət yetirməmisiniz. Stenoqramda oxuyarsınız, “biz bir oxunuşda qəbul eləyirik” dedik və hökumətə vaxt verdik ki, burada səslənən təklif və iradları on gün müddətində təhlil edib, bizə nəticəsini bildirsin. Belə də elədik. İndi söz verək Samir müəllimə, buyursun, suallara cavab versin. Buyurun.
S. Şərifov. Çox sağ olun, hörmətli cənab Sədr. Burada deputat İkram İsrafilov Sumqayıtda ekoloji vəziyyətlə əlaqədar məsələ qaldırdı, sual verdi. Yadınızdadırsa, vaxtilə bu alüminium zavodu tam dayanmışdı, işləmirdi. O zamanlar burada başqa fikirlər söylənir, deyilirdi ki, bəs işsizlik problemi var, camaat çalışmır və sair. İndi həmin “Azəralüminium” müəssisəsində artıq 2500 nəfər adam çalışır. Yəni bu da vacib bir göstəricidir. Bununla belə, o demək deyil ki, bu adamların çalışması Sumqayıtda ətraf mühitə mənfi təsir göstərməlidir. Hökumət tərəfindən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilir, beynəlxalq təşkilatların ekspertləri bu işə cəlb olunur. Hazırda Dünya Bankının Qlobal Ətraf Mühit Fondunun vəsaitləri cəlb olunmaqla orada müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulub. Müzakirələr artıq yekunlaşmaq üzrədir. Bu zavodda ekoloji tədbirlərin həyata keçirilməsi üçün təxminən 18 milyon dollar məbləğində vəsait xərclənməlidir. Bunun təxminən 25-30 faizi Dünya Bankı tərəfindən ayrılacaq, qalan hissəsi isə zavodun öz vəsaiti hesabına bu məqsədlər üçün istifadə olunacaqdır. Zənnimizcə, bu tədbirlərin keçirilməsi nəticəsində 2008-ci ilin sonu – 2009-cu ilin əvvəllərində zavodun ətraf mühitə yetirdiyi zərərin aradan qaldırılması işində xeyli irəliləyiş əldə olunacaq və Sumqayıtda ətraf mühitin vəziyyəti yaxşılaşacaqdır.
İndi burada bir məsələ də qaldırıldı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar deputat Pənah Hüseyn, əsasən, seçildiyi Sabirabad rayonunda bu proqramda nəzərdə tutulmuş tədbirlərin icra olunmaması ilə əlaqədar narazılığını bildirdi. Sözün açığı, məndə bu barədə dəqiq məlumat yoxdur. Təkcə onu deyə bilərəm ki, bu məsələlərlə bağlı həm İqtisadi İnkişaf Nazirliyi, həm də aidiyyəti dövlət qurumları tərəfindən müvafiq arayış hazırlanıb, qısa bir müddət ərzində deputat Pənah Hüseynə təqdim olunacaqdır.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri! Xahiş edərdim, Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 103
Əleyhinə 7
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Dövlət büdcəsi zərfinə daxil olan digər məsələyə keçirik. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında. Buyursun Səlim Müslümov.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! İlk öncə icazə verin, mən Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsinin müzakirəsində çox fəal iştirak etdiklərinə görə bütün millət vəkillərimizə dərin təşəkkürümü bildirim. Onlar ayrı-ayrı maddələr üzrə öz irad və təkliflərini ortaya qoydular. Həmin təkliflər, iradlar hökumət üzvləri tərəfindən müzakirə olundu. Biz bu günlər ərzində həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirlərinin artırılması, həm də onun xərclərinin strukturunun təkmilləşdirilməsi istiqamətində verilmiş təkliflərin həmin büdcə layihəsində əks olunması üçün görüşlər keçirdik. Mən indi onların nəticələri üzrə məlumatları sizin diqqətinizə təqdim etmək istərdim.
Bütün təklifləri, əsasən, dörd qrupa ayırmaq olardı. Burada verilən təkliflərin birinci qrupu Dövlət Sosial Müdafiə Fondunun xətti ilə maliyyələşdirilən əmək pensiyalarının baza hissəsinin daha sürətlə artırılması, ikincisi bunun üçün məcburi dövlət sığorta aktlarının toplanması səmərəliliyinin əmsalının yüksəldilməsi, üçüncüsü sanatoriya-kurort müalicəsi üçün sığortalananlara veriləcək yollayışların maliyyələşdirilməsi xərclərinin artırılması, dördüncüsü isə aktual hesablamaların aparılması üçün müvafiq maliyyə vəsaitinin büdcə layihəsində öz əksini tapması məsələsi idi.
Diqqətinizə çatdırmaq istərdim ki, bu günlər ərzində biz əmək pensiyalarının baza hissəsinin daha sürətlə artırılması üçün əlavə maliyyə imkanları tapmaq məqsədilə müvafiq strukturlarla, ilk növbədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə çox intensiv danışıqlar apardıq. Biz cənab Samir Şərifovla 2008-ci il ərzində ayrı-ayrı istiqamətlərdə yarana bilən əlavə vəsaitlərin formalaşmasının mümkün yolları haqqında müzakirələr apardıq və cənab Samir Şərifov burada çıxış edən zaman bunları sizin diqqətinizə çatdırdı. Həqiqətən, bu, son hədd deyil. 2008-ci il büdcəsinin – həm dövlət büdcəsinin, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası zamanı həyata keçiriləcək tədbirlər nəticəsində gəlirlərin artırılması imkanları ortaya çıxarsa, bu məsələyə yenidən baxılması üçün yaranacaq maliyyə imkanları barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əlavə məruzə edilməsi qərara alındı. Yəni bu məsələ daim diqqət mərkəzində saxlanılacaq. Həm gələn il, həm də növbəti illər ərzində əlavə maliyyə imkanlarının ortaya çıxarılması istiqamətində atılacaq addımlar, belə fikirləşirəm ki, əmək pensiyalarının baza hissəsinin artırılması üçün bizim hörmətli millət vəkillərimizin Dövlət Sosial Müdafiə Fondu büdcəsinin müzakirəsi zamanı irəli sürdüyü təklifləri reallaşdırmağa imkan yaradacaqdır.
Təbii ki, bu imkanların yaranması üçün məcburi dövlət sosial sığorta haqlarının artırılması, ayrı-ayrı sığortalananların qeydiyyata alınması proseslərinin gücləndirilməsi, əmək haqlarının reallaşdırılması istiqamətində konkret addımların atılması son dərəcə vacibdir. Hörmətli millət vəkillərimiz, son zamanlar bu sahədə inzibati nəzarətin daha da gücləndirilməsi üçün müvafiq qanunvericilik aktlarına etdiyiniz və etməyə hazırlaşdığınız dəyişikliklər, mən elə fikirləşirəm ki, öz sözünü deyəcək, həmin dəyişikliklər hesabına inzibati tədbirlər gücləndiriləcək və nəzarət sərtləşdiriləcək. Beləliklə, milli iqtisadiyyatımızın ayrı-ayrı sahələrində çalışan sığortalananların tam şəkildə qeydiyyata alınması və onların əmək haqlarının reallaşdırılması istiqamətində atılan addımlar məcburi dövlət sosial sığorta haqlarının artırılması üçün imkanlar yaradacaqdır. Belə imkanların ortaya çıxacağı təqdirdə əmək pensiyalarının daha sürətlə artırılması və yaşayış minimumunun qaldırılması üzrə müvafiq təkliflər hazırlanaraq dövlət başçımıza təqdim ediləcəkdir.
Üçüncü qrup təkliflər məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilən sanatoriya-kurort müalicələri üçün xərclərin artırılması barədə idi. Burada bayaq bizim maliyyə nazirimiz qeyd etdi ki, məcburi dövlət sosial sığorta haqlarının 1 milyon 477,5 min manat artırılması hesabına alınan əlavə vəsaitin təqribən 1 milyon 62,5 min manatının bu istiqamətə yönəldilməsi qərara alınmış və bu, artıq layihədə öz əksini tapmışdır. Beləliklə, növbəti ildə Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə maliyyələşdiriləcək xərclərin ümumilikdə 8,124 milyon manatdan 9,3 milyon manata çatdırılması, yəni 3 faiz artırılması həmin sanatoriyalara yollayışların dəyərinin inflyasiya hesabına artırılmasının tam maliyyələşdirilməsinə kifayət edəcəkdir. Belə ki sanatoriyalara yollayışların maliyyələşdirilməsi üçün nəzərdə tutulan proqnoz 1 milyon 62,5 min manat artırılaraq 7 milyon 462,5 min manata çatdırılacaqdır. Başqa sözlə desək, bu artım 16,6 faiz olacaqdır.
Nəhayət, sonuncu təklif. Aktual hesablamaların aparılması. Çünki artıq növbəti illərdə II Dünya müharibəsindən sonra doğulanların pensiyaya çıxması gözlənilir. Bildiyiniz kimi, bu illərdə Azərbaycanda doğum əmsalı yüksək olmuşdur. Həmin illərdə doğulanların yaşı artıq pensiya yaşına yaxınlaşır. Növbəti ildən başlayaraq yaşa görə pensiyaya çıxanların sayı Azərbaycanda sürətlə artmaqda davam edəcəkdir. Ona görə də aktual hesablamaların aparılması, qarşıdakı 15 ildə pensiyaya çıxacaq insanların sayının düzgün proqnozlaşdırılması üçün müvafiq layihələrin hazırlanması bu gün gündəmdə duran məsələlərdən biridir. Bu məsələnin həlli üçün həmin məcburi dövlət sosial sığorta haqlarının artımından əldə olunacaq vəsaitin 415 min manatını pensiya islahatlarının keçirilməsi üzrə müştərək maliyyələşdirmə layihəsində Azərbaycan tərəfinin maliyyələşdirilməsinə yönəltmək nəzərdə tutulub.
Ümumiyyətlə, biz çalışmışıq ki, bütün səmərəli təklifləri qəbul edək və elə bilirəm ki, buna nail olmuşuq. Qeyd etdiyim təkliflər layihədə öz əksini tapmışdır. Millət vəkillərimizdən xahiş edərdim ki, bu dəyişikliklərlə birlikdə Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsinin layihəsini dəstəkləsinlər. Bu büdcənin qəbul olunması Azərbaycan Respublikasında aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Heydər Əliyev strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.50 dəq.)
Lehinə 96
Əleyhinə 6
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Üçüncü, Azərbaycan Respublikasında 2008-ci il üçün yaşayış minimumu haqqında. Əgər başqa təklif yoxdursa, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 88
Əleyhinə 8
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında. Təkliflər yoxdur? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 90
Əleyhinə 9
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə. Bilirsiniz ki, biz bunu keçən iclasda qəbul etdik.
Növbəti məsələ. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə. Sual yoxdur? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.52 dəq.)
Lehinə 91
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikası Milli Məclisinin 2008-ci il üçün xərclər smetası haqqında. Çıxışda qeyd olundu. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 99
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Büdcə zərfinin sonuncu məsələsi. Azərbaycan Respublikası Hesablama Palatasının 2008-ci il üçün xərclər smetası haqqında. Sual yoxdur? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, beləliklə, biz Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini qəbul etdik. Bu münasibətlə mən hökumət üzvlərini və millət vəkillərini təbrik edirəm. Çox sağ olun. Gələn iclas barədə xəbər veriləcək. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi