2007-ci il 18 dekabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  68

Milli  Məclisin  iclas  salonu.
18  dekabr  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir

İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
N. Xalıqov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Z. Mirzəyev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşı.
M. Məmmədov, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri.
H. Abdullayev, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru.

* * *

M. Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
A. Süleymanlı, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Hüquq şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
3. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının Saatlı rayonunun Seyidoba kəndinin adının dəyişdirilməsi haqqında.
6. Azərbaycan Respublikasının Samux rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında.
7. Azərbaycan Respublikasının Neftçala rayonunun Saratovka kəndinin adının dəyişdirilməsi haqqında.
8. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş).
9. Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
10. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə.
11. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə.
12. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə.
13. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

İclasda qəbul edilmişdir:

1. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
4. “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının Saatlı rayonunun Seyidoba kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının Samux rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının Neftçala rayonunun Saratovka kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

18  dekabr  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 98
Yetərsay 83

Çox sağ olun, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, bugünkü iclasın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bildiyiniz kimi, bizim bu sessiyada təxminən 4 iclasımız qalıb. Bu iclaslarda çox mühüm məsələlərin müzakirəsi aparılacaq. Gündəliyin müzakirəsinə ehtiyac varmı? Fazil Mustafayev, buyurun.
F. Mustafayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, ilin sonuna çox az qalır. Çalışmalıyıq ki, bir çox məsələlərin həllini yekunlaşdıraq. Xüsusilə qeyd etmək istərdim ki, Təhsil qanununun müzakirəsi gündəliyə daxil edilməyib. Bizə məlumat verilmişdi ki, ilin sonuna qədər bu məsələ müzakirə olunacaq. Mən güman eləmirəm ki, bir iclasa Təhsil qanununu müzakirə edib çatdıra bilək. Bu cür ciddi qanunun birinci oxunuşda müzakirəsinə, heç olmasa, bir neçə iclas lazımdır.
İkinci qeyd edəcəyim məsələ bugünkü gündəlikdə olan Rəqabət Məcəlləsi ilə bağlıdır. Mən Rəqabət Məcəlləsi müzakirə ediləndə ayrı-ayrı detallara toxunacağam. Açığı, bu qanunun qəbul olunmasının hansı nəticələr doğuracağını təsəvvür eləmək olduqca çətindir. Ona görə ki, qanun real ictimai münasibətləri tənzimləmək üçün qəbul olunur. Düşünürəm ki, bu məsələni indi qəbul eləməyimiz olduqca tezdir. Biz bu qanunun heç bir müddəasını Azərbaycanda tətbiq eləmək imkanı əldə edə bilməyəcəyik. Nə kənd təsərrüfatında, nə də ayrı-ayrı sahələrdə inhisarçılığın qarşısını almaq mümkün olacaq. Bu, siyasi iradə ilə bağlı məsələdir. Bu baxımdan da düşünürəm ki, bu qanunun qəbuluna bir az tələsirik. Bu məsələnin gündəlikdən çıxarılmasını istərdim, çünki cəmiyyətdə elə şərtlər var ki, bunları həll eləmədən Rəqabət Məcəlləsini qəbul etmək olmaz. Bu şərtlər, birinci növbədə, özəlləşdirmə prosesində baş verən özbaşınalıq, açıq səhmdar cəmiyyətlərinin fəaliyyəti və onların hüquqlarının pozulması ilə əlaqədardır. Saxta hərrac vasitəsi ilə hər hansı bir şəkildə dövlət əmlakının özəlləşdirilməsi kampaniyasının qeyri-şəffaf vəziyyətdə həyata keçirilməsi və bunun nəticəsində özəlləşdirmədən büdcəyə daxil olan vəsaitin olduqca simvolik xarakter daşıması faktı göstərir ki, ölkədə, ümumiyyətlə, öz hüquqlarını qoruya biləcək, özünü müəyyən mənada ayaqda tuta biləcək səhmdar yoxdur. Bu baxımdan da Rəqabət Məcəlləsinin olmayan bir təbəqənin olmayan münasibətlərinin tənzimlənməsinə hansı təminat verə biləcəyi şübhə doğurur. Düşünürəm ki, bu sahədə müəyyən məsələlərin həlli olduqca vacibdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siz Təhsil qanununa toxundunuz. Qanun layihəsi artıq müzakirəyə hazırdır, narahat olmağa dəyməz. Dünən Milli Məclisin daimi komissiyaları Təhsil qanununu sonuncu dəfə müzakirə ediblər. Sabahdan qanun layihəsi sizə paylanacaq və yəqin ki, payız sessiyasının sonuncu iclaslarında bu qanunu müzakirə edəcəyik. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim toxunmaq istədiyim məsələ Ermənistanda keçirilən “Azərbaycan günləri” mövzusuna aid olacaq. Bildiyiniz kimi, Ermənistana gedən azərbaycanlılar ölkədə tənqid hədəfində olan insanlar kimi tanınır. Onlar Azərbaycanda daha çox erməni günlərini, erməni düşüncələrini təmsil ediblər. Həmin adamların orada Azərbaycan mədəniyyətini, tarixini, reallıqlarını necə təmsil edəcəkləri şəxsən mənim üçün aydındır.
Ora qatılan tərkibin öz-özünə müəyyənləşməsi məndə belə bir qənaət yaradır ki, deyəsən, bu xalq diplomatiyası Azərbaycan xalqının üzərində diplomatiya qurmaq istəyənlərin işidir. Bu gün erməni xalq diplomatiyası, əslində, rəsmi diplomatiyanın həyatda yürütdüklərini öz fəaliyyətində nəzərdə tutmaqdadır. Amma bu insanlardan ibarət olan Azərbaycanın xalq diplomatiyası isə həmişə xalqın və rəsmi siyasətin əleyhinə olub.
Bəli, rəsmi nümayəndə heyəti kimi də Dağlıq Qarabağa və Ermənistana səfərlər edənlər olub, lakin onlar heç bir halda erməni konyakının ətrafında çəkilən böyük şəkillərlə və digər mənzərələrlə Azərbaycana qayıtmayıblar və sənədlər də Azərbaycanın əleyhinə yönəldilməyib.
Mən hesab edirəm ki, bu layihələr, əslində, Azərbaycan tərəfindən müəyyənləşdirilməlidir və məhz Qarabağa yönəldilməlidir. Bundan sonrakı dönəmdə, yəqin ki, Azərbaycanda və Gürcüstanda da belə günlər keçiriləcəkdir. Başqa bir dostluq və həmrəylik layihəsi “Sərhədləri açaq”, “Sülhməramlı desant” və sairdən bəhs eləyir. Doğrudan da, burada xeyli sülhməramlı desant layihələri həyata keçirilməkdədir. Əvəz olaraq Azərbaycanda keçiriləcək “erməni günləri”ndə Arsaxın qədim erməni torpağı olmasından, Qara Qarayevin əsərlərinin erməni mənşəliliyindən, yaxud da “Sarı gəlin”in erməni mahnısı olmasından və sairdən bəhs olunacaq. Ona görə, cənab Sədr, mən hesab edirəm ki, bu məsələlər ictimai iradəyə buraxılmasın deyə onun dəqiq çərçivələrini və sanksiyalarını müəyyənləşdirmək üçün parlamentdə ciddi qanun qəbul olunmalıdır. Bunu, sadəcə, mənəvi məsuliyyətlə və mənəvi kateqoriyalı məsələlərlə yekunlaşdırmaq olmaz. Hesab edirəm ki, belə gedərsə, sabahkı gündə Roman Babayanın, Filip Kirkorovun və başqalarının Azərbaycana səfər edəcəyi bizdə sual doğurmaz. Ona görə mən hesab edirəm ki, parlament...
Sədrlik edən. Sağ olun. Öz sualına özün cavab verdin. Azay Quliyev həmin təşkilatların rəhbərlərindən biridir, yəqin ki, onun da bu barədə fikri olacaq. Buyurun.
A. Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Cənab Sədr, Siz doğru buyurdunuz, mən də bu mövzuya bir az başqa istiqamətdən toxunmaq istəyirəm. Həqiqətən də, ictimaiyyətdə ümumi rəy belədir ki, Azərbaycan əraziləri işğaldan azad olunmayana qədər, Ermənistanla hər hansı bir əlaqə yolverilməzdir. Bu ideologiyanı, bu yanaşmanı hamımız qəbul edirik. Eyni zamanda, hörmətli Zahid müəllimin qeyd etdiyi kimi, Ermənistanda “Azərbaycan günləri” keçirilir və Azərbaycanı tanımayan bir qrup insan müəyyən şərtlər daxilində orada iştirak edirlər. Buna da haradasa dözmək olar. Ən dözülməz hal odur ki, bu gün Xarici İşlər Nazirliyinin mətbuat katibi hörmətli Xəzər İbrahim bu cür hallara dolayısı ilə haqq qazandırır. O, mətbuata açıqlamasında deyir ki, bu gün Ermənistanda Azərbaycan haqqında doğru məlumatlar olmadığına, Azərbaycan həqiqətləri Ermənistan ictimaiyyətinə olduğu kimi çatdırılmadığına görə bu cür tədbirlərin müəyyən köməyi ola bilər və bu cür tədbirlər vasitəsi ilə Ermənistan mediasına, ictimaiyyətinə dürüst məlumatlar çatdırıla bilər.
Burada bəlkə də məntiq var. Bunu ciddi müzakirə etmək istəməzdim, amma mənim üçün anlaşılmazlıq yaradan hal budur ki, burada vahid siyasət yeridə bilmirik. Bir tərəfdən deyirik ki, bu cür əlaqələr yolverilməzdir, digər tərəfdən isə dolayısı ilə bu cür hallara haqq qazandırırıq. Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına fikir versəniz, görərsiniz ki, bizim Xarici İşlər Nazirliyinin açıqlaması ilə üst-üstə düşür. Konkret olaraq mən Karapetyanın dediklərinə diqqəti cəlb etmək istəyirəm. O açıq şəkildə bildirdi ki, bu cür tədbirlər bir daha Ermənistanın bugünkü sülh danışıqlarında tam şəkildə sabitlik nümayiş elətdirdiyini göstərir. Burada biz bir daha həmin nöqtəyə gəlirik ki, ermənilər bu məsələdə səmimi deyillər. Onlar bu cür əlaqələrdən, bu cür tədbirlərdən sui-istifadə edərək özlərini dünya ictimaiyyətinə sülhpərvər bir xalq kimi təqdim etmək istəyirlər ki, bu da tamamilə yalandır. Əgər doğrudan da, onlar sülhpərvərdirlərsə, həqiqətən, bu münaqişənin həllini istəyirlərsə, onda işğalçı rejimə və Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində tanınmış ərazi bütövlüyünə münasibət bildirsinlər.
Hörmətli Oqtay müəllim, mən hesab edirəm ki, burada bizim açıq, konkret mövqeyimiz olmalıdır. İctimaiyyət olaraq, QHT sektoru olaraq, diplomatlar olaraq, jurnalistlər olaraq, ayrı-ayrı hökumət nümayəndələri olaraq bildirməliyik ki, biz düşmənimizlə hansı rəftarı edirik. Bundan sonra qardaş Türkiyəyə necə deyə bilərik ki, sərhədi açma, onlarla əməkdaşlıq etmə, çünki bizim sərhədimiz pozulub. Mənə elə gəlir ki, bu barədə konkret mövqe bildirilməli, hamı buna riayət etməlidir. Mən bunları demək istəyirdim, çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Məndən öncə çıxış edən hörmətli həmkarlarım Azay Quliyevin və Zahid Orucun qaldırdığı məsələni dəstəkləyirəm və bizim vətəndaşların ora səfər etməsinə qəti etirazımı bildirirəm. Hesab edirəm ki, müvafiq hökumət orqanları bununla bağlı tədbirlər görməlidir.
Oqtay müəllim, münasibət bildirmək istədiyim başqa bir məsələ var. Bilirsiniz ki, Milli Təhlükəsizlik Nazirliyi İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən bir qrup Azərbaycan vətəndaşını ifşa edib və mənim bildiyimə görə, bununla bağlı bizim səfirimiz İran Xarici İşlər Nazirliyinə dəvət olunub. Onlar bizdən üzr istəmək əvəzinə hələ bizim səfiri də dəvət eləyib ona etirazlarını bildirirlər. Mən hesab edirəm ki, bizim müvafiq dövlət orqanları bununla bağlı BMT Təhlükəsizlik Şurasına müraciət eləməlidirlər. Biz İranın səfirini Xarici İşlər Nazirliyinə dəvət eləməli və onların üzr istəməsini tələb eləməli idik.
Bizim hörmətli akademiklərimiz Yaqub Mahmudovla Qərib Məmmədov “Azərbaycanın tarixi atlası”nı nəşr ediblər. Bununla bağlı İran parlamentində, İranın kütləvi informasiya vasitələrində olmazın həngamələr qoparıblar. Onlar bizdən hətta tələb edirlər ki, öz tarixinizi yazmayın, öz tarixinizi gənclərinizə öyrətməyin. Mən bu əməliyyatı həyata keçirmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına öz təşəkkürümü bildirmək istəyirəm.
Eyni zamanda, məni digər bir məsələ də çox təəssüfləndirir. Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində bizim yüksək çinli məmurları PKK ilə bağlılıqda ittiham edirlər və bildirirlər ki, Abdulla Gülün səfəri ərəfəsində onlar guya Milli Təhlükəsizlik Nazirliyində dindiriliblər. Bu cür məsuliyyətsiz və faktlara əsaslanmayan yazılara münasibət bildirilməlidir. Buna əminəm ki, belə yazılar Türkiyə – Azərbaycan münasibətlərinə ziyan vurur, ölkədə milli ayrı-seçkiliyi gücləndirir. Niyə Milli Təhlükəsizlik Nazirliyi bununla bağlı açıqlama vermir, başa düşmürəm.
Başqa bir məsələ barədə də fikrimi bildirmək istəyirəm. “Mediaforum” saytında oxudum ki, Amerika səfirliyinin tikdiyi məktəbin qiyməti bizim hökumətin tikdiyi məktəbin qiymətindən 3-4 dəfə ucuz başa gəlib. Bu məsələyə hökumət diqqət yetirməlidir. Burada oğurlanan pullara qənaət eləyib yeni inzibati bina tikmək olar. Amerika Birləşmiş Ştatlarında Prezident harada oturursa, orada da işləyir. Bizdə Prezidentin İcra Aparatı ən çox gediş-gəliş olan bir yolun kənarında tikilmiş binada fəaliyyət göstərir. Təhlükəsizlik və xarici qonaqları qəbul eləmək baxımından da ora məqsədəuyğun yer deyil. Bu barədə hökumətin düşünməsini vacib sayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev, məktəb tikintisi elə-belə aparılmır. Məktəb tikintisi üçün tender keçirilir. Siz “Mediaforum” saytının yazdığı doğru olmayan faktı qəbul edirsiniz, bu, düzgün deyil. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli millət vəkilləri, bu gün böyük qürur və iftixarla qeyd etmək lazımdır ki, qarşıdan müqəddəs Qurban bayramı, Prezidentimizin ad günü, Yeni il gəlir. Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq, milli birlik, həmrəylik ideyaları dönmədən inkişaf edir. Deputat həmkarlarıma, bütün Azərbaycan xalqına, bu gün ictimai-siyasi əsaslarla fəaliyyət göstərmiş partiyalara bu işdə uğurlar arzulayıram. Bu gün Azərbaycan Respublikasındakı əmin-amanlıq, bolluq imkan verir ki, azərbaycanlılar həmrəy olsunlar. Prezidentimiz hər il Azərbaycandan kənarda yaşayan 50 milyon azərbaycanlını təbrik edir, onlar da buna sevinirlər.
Mən bu gün bir millət vəkili kimi Qurban bayramı münasibəti ilə deputat həmkarlarımı və seçicilərimi təbrik edirəm. Bugünkü əmin-amanlığı, bolluğu yaradan hörmətli Prezidentimizi ad günü münasibəti ilə təbrik edirəm. Qarşıda Azərbaycanı parlaq gələcək gözləyir. İnanıram ki, Azərbaycan hakimiyyətinin mənbəyi olan xalq öz seçimini edib, hamı bir nəfər kimi ölkə Prezidentinin ətrafında sıx birləşib. Aydın məsələdir ki, bu gün müxalifət beynəlxalq təşkilatlarda şou yaradır, bəzi qəzetlər əsassız yazılar yazır. Qüdrət Həsənquliyev də çıxışında bunu qeyd elədi. Mən bir daha mətbuat işçilərinə ədalətli və obyektiv yazılar yazmağı tövsiyə edirəm. Xahiş edirəm ki, ulu öndərimizin ideyalarını əsas tutaq, Azərbaycanda sabitlik, həmrəylik yaradaq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əhəd müəllim. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən də Milli Məclis üzvlərini, onun rəhbərliyini, burada iştirak edən media nümayəndələrini Qurban bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, bu müqəddəs bayram ərəfəsində hamımızın gözlədiyi bir sıra tədbirlər, o cümlədən həbsdə olan jurnalistlərin əfvi məsələsi reallaşmış olsun.
Hörmətli Sədr, birbaşa olmasa da, dolayısı ilə gündəlikdəki məsələlərə aidiyyəti olan bir sıra fikirlərimi bildirmək istəyirəm. Birincisi, bir sıra siyasi partiyalar, qeyri-hökumət təşkilatları, bir qrup deputat dövlət başçısına müraciət eləyərək Mülki Məcəlləyə edilmiş dəyişikliyin imzalanmasının təxirə salınmasını xahiş etmişlər. Ekspertlərin, iqtisadçıların və hüquq müdafiəçilərinin iştirakı ilə əsaslandırılmış müraciət dövlət başçısına yazılı şəkildə göndəriləcəkdir, lakin məndən xahiş olunmuşdur ki, bu məsələni burada səsləndirim.
İkincisi, yeni il gəlir, amma ilin sonuna yüz minlərcə vətəndaşımızın kommunal xidmətlərə görə debitor borcları yığılıb qalmışdır. Ümumiyyətlə, seçicilərimiz bu debitor borclar məsələsinə aydınlıq gətirilməsini xahiş edirlər. Şəxsən bir abonent kimi mənim özümə də bu yaxınlarda məlum oldu ki, 1997-ci ildə, yəni indi yaşadığım evə köçməmişdən əvvəl istifadə etdiyim su üçün debitor borca malikəm. Mən məsələni aydınlaşdırandan sonra bu problem aradan qaldırıldı, amma yüz minlərlə abonent debitor borc adı altında qaz, su və işığın kəsilməsi təhlükəsi ilə üzbəüzdür.
Bu yaxınlarda Gürcüstanda çox xöşagələn bir hadisənin şahidi olduq, orada bu debitor borclar əhaliyə bağışlandı. Onsuz da bu yeyilən yeyilib, israf olunan olunubdur. Biz xahiş eləyərdik ki, bundan sonra ciddi bir şəkildə istehlak olunan bu xidmətlərin birmənalı olaraq haqqının ödənilməsi ilə razılaşaraq, bu vaxta qədər olan debitor borcların bağışlanması məsələsinə ölkənin rəhbərliyi səviyyəsində baxılsın və bu məsələ ən yaxın bir müddətdə müsbət şəkildə həll edilsin. Hesab eləyirəm ki, bu, həmin xidmət haqlarının ödənilməsi məsələsində məsuliyyətin və intizamın artmasına xidmət edə bilər. Nəhayət, bir daha yenə Yeni ilin yaxınlaşmasını nəzərə alaraq...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Təşəkkür eləyirəm, cənab Sədr. Mən əvvəlcə deputat həmkarım Pənah Hüseynin bir təklifinə münasibət bildirim. O, bu günlərdə Gürcüstan Prezidentinin kommunal xidmətlərə görə əhalinin borclarının silinməsi ilə bağlı verdiyi fərmanın Azərbaycanda da tətbiq olunmasını təklif edir. O, birinci deyil, artıq müxalifət qəzetlərində bu təklif səsləndirilir və Gürcüstanı Azərbaycana bir nümunə kimi göstərmək istəyirlər. Heç şübhəsiz, biz sevinirik ki, qonşu dövlətdə dövlət başçısı tərəfindən əhalinin əziyyət çəkən hissəsi ilə bağlı belə bir humanist addım atılıbdır. Amma mən hesab eləyirəm ki, kasıb əhalinin borclarının silinməsi variantındansa onun güzəranının yaxşı olması və kommunal xərclərini özünün ödəyə bilməsi variantı daha uğurludur. Bu gün əgər əhalinin kommunal xidmətləri ödəmək imkanı varsa və bu baxımdan hər hansı bir problem yaranmırsa, Gürcüstan nümunəsinin Azərbaycana gətirilməsinə ehtiyac yoxdur.
Başqa bir məsələyə münasibət bildirmək istəyirəm. Son dövrlərdə PKK mövzusu Azərbaycanda vaxtaşırı gündəliyə gətirilir, guya Azərbaycanda bu terrorçu təşkilatı dəstəkləyən qüvvələrin olması barəsində cəfəng fikirlər səslənir. Ən qəribəsi budur ki, dövlət başçısının, cəmiyyətin, parlament əksəriyyətinin bu məsələyə münasibət bildirməsinə baxmayaraq, Azərbaycanda vaxtaşırı bu məsələni qabartmağa, bu məsələdən siyasi dividend götürməyə çalışan müxalif siyasi qüvvələr var. Dəfələrlə bildirilib ki, cənab Prezidentimizin Türkiyə Cümhuriyyətinin Prezidenti Abdulla Güllə Birgə Bəyənnaməsində bu məsələyə münasibət bildirilib. Dövlət başçısının münasibəti Azərbaycan cəmiyyətinin münasibətidir. Buna baxmayaraq, yenə də vaxtaşırı bu məsələyə tamamilə başqa bir bucaq altında baxmağa çalışırlar. Məndə şəxsən belə bir təəssürat yaranır ki, dövlət başçımızın prinsipial mövqeyi, parlament üzvlərinin əksəriyyətinin dəfələrlə mətbuatda səslənən fikirləri onlara sərf eləmir və bu məsələni vaxtaşırı qabartmağa, bundan siyasi dividend götürməyə cəhd edirlər. Ola bilsin ki, müxalifət dairələrinin bu gün cəmiyyətlə bölüşməyə orijinal bir fikri yoxdur, ona görə də bu məsələdən bacardıqları qədər daha çox siyasi dividend götürməyə çalışırlar.
Mən hesab eləyirəm ki, dövlət başçısının mövqeyi Azərbaycan xalqının mövqeyidir və bu məsələyə ikinci bir münasibət ola bilməz. Türkiyə dövləti əgər PKK-nı özünün ərazi bütövlüyünə təhlükə yaradan bir təşkilat kimi qəbul edirsə, mən inanmıram ki, bu məsələni Azərbaycanda müzakirə etməyə dəyər. Türkiyənin mövqeyi Azərbaycanın mövqeyidir, Türkiyənin sevinci Azərbaycanın sevincidir, Türkiyənin problemləri Azərbaycanın problemləridir. Bu məsələdə Türkiyə və Azərbaycan daim birlikdə addımlayır və birlikdə də fəaliyyət göstərəcəklər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, hörmətli Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri və media mənsubları! Mən də həm Türkiyəyə, həm də bizə aidiyyəti olan bir məsələ ilə bağlı çıxış eləmək istəyirəm. Yəqin, bilirsiniz ki, bu yaxınlarda Milli Teleradio Şurası Azərbaycan televiziyalarında türk dilində filmlərin yayımlanmasına qadağa qoyan bir qərar qəbul edib və səhv eləmirəmsə, bu qərar ayın 1-dən qüvvədə olmalıdır. Açığı, mən belə bir qərarın qüvvəyə minməsi məsələsində heç bir məntiq görə bilmirəm, çünki Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi arasında elə bir ciddi fərq yoxdur. İndi belə çıxır ki, biz “gediyorum” sözünü “gedirəm” kimi tərcümə eləməliyik. Mənə elə gəlir ki, bu çox əhəmiyyətsiz bir məsələdir və xeyli vəsaitin mənasız yerə xərclənməsi deməkdir. Əksinə, mən düşünürəm ki, biz parlament olaraq çalışmışıq ki, Türkiyə ilə Azərbaycan arasında, ümumiyyətlə, türk dövlətləri arasında ortaq bir dil olsun və aramızda anlaşılmaz heç nə qalmasın. Biz həmişə deyirik ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir. O zaman mən başa düşə bilmirəm, bir millətin iki dili ola bilərmi? Ümumiyyətlə, türk dilindən Azərbaycan türkcəsinə biz nəyi tərcümə eləyəcəyik, bu mənə aydın deyil. Yəqin, bilirsiniz ki, ingilis dilində də Amerika ləhcəsi və Böyük Britaniya ləhcəsi var. Heç vaxt Amerika ləhcəsindən Böyük Britaniya ləhcəsinə nə isə tərcümə olunmur. Mənə elə gəlir ki, Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinə də məhz bu rakursdan yaxınlaşmalıyıq. Oqtay müəllim, mən düşünürəm ki, biz Milli Məclis olaraq bu məsələnin qarşısını almağa, yəni Milli Teleradio Şurasının bu qərarını əngəlləməyə çalışmalıyıq. Biz əgər, doğrudan da, dilimizi qorumaq istəyiriksə, onu Türkiyə türkcəsindən yox, başqa dillərdən qorumalıyıq. Türkiyə türkcəsi Azərbaycan dilinə mənfi heç nə gətirmir. Çox sağ olun, təşəkkür eləyirəm.
Sədrlik edən. Hörmətli Aynur xanım, belə bir qərar qəbul olunmayıb, amma qərara alınıb ki, Azərbaycan televiziyalarında verilişlər Azərbaycan dilində getsin. Bu məsələyə görə bu qərar qəbul edilib, burada türk dilindən söhbət getməyib. Ancaq bu qərardan sonra televiziyaların əksəriyyəti verilişləri dublyaj eləməmək üçün hamısını türk dilində verirlər. Bu, bir az düzgün yanaşma deyil. Bizim öz televiziyalarımız var, Azərbaycan dilimiz var. Bütün verilişlər dublyaj olunmalıdır və Azərbaycan dilində verilməlidir. Mən hesab eləyirəm ki, Milli Teleradio Şurası çox düzgün qərar qəbul edib. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Son zamanlar bu iclas zalında hakimiyyətin azad mətbuat üçün yaratdığı ağır vəziyyət haqqında dəfələrlə çıxışlar edilmiş, söz və mətbuat azadlığına qarşı təzyiq və təqibləri aradan qaldırmaq, jurnalistlərin hüquqlarını müdafiə etmək üçün müxtəlif təkliflər səsləndirilmişdir. Bu da təsadüfi deyildir, çünki hazırkı dövrdə hakimiyyətin azad mətbuata qarşı münasibəti elə həddə çatıbdır ki, gündə bir jurnalisti həbs edirlər. Məqsəd hamıya aydındır. Bu həbslər mətbuatı ictimai nəzarət yolundan məhrum etmək üçün hakimiyyətin həyata keçirdiyi çoxsaylı tədbirlərdən biridir.
Azad mətbuatın təmsilçiləri olan jurnalistlərin hər gün həbs olunmaq riski altında yaşadıqlarını müşahidə etmək şəxsən mənim üçün çox ağırdır. Müdafiəsiz, köməksiz qalan jurnalistlərin bu həbslərdən, təqiblərdən, təhqirlərdən özlərini qorumaq üçün sağlamlıqları bahasına başa gələn aclıq aksiyasına əl atmalarını müşahidə etmək bundan da ağırdır. Görün, vəziyyət nə həddə çatmışdır ki, qəzet redaktorları həm ölkə daxilində, həm də xaricdə diqqəti Azərbaycanın azad mətbuatının yaşadığı ağır problemlərə cəlb etmək üçün həyatlarını risk altında qoyurlar. Mən ölkəmizə baş ucalığı gətirməyən, əksinə, beynəlxalq sənədlərdə Azərbaycanın insan haqlarını pozan, azad mətbuatı təqib edən bir ölkə kimi xarakterizə olunmasına səbəb olan bu vəziyyəti pisləyirəm və hesab edirəm ki, bu halı yaradan maddə qanunvericilikdən çıxarılmalıdır.
Onu da deyim ki, burada, yəni paytaxtda öz sözünü deyən jurnalistlərə qarşı həyata keçirilən tədbirlər əyalətlərdə də öz sözünü deyən sadə insanlara – müxalifət nümayəndələrinə qarşı tətbiq edilir. Bir misal çəkəcəyəm. Bir müddət əvvəl İmişli rayonunda Milli İstiqlal Partiyasının bir üzvünü beş il müddətinə azadlıqdan məhrum etdilər. Həmin rayonda yaşayan və oradan seçilən bir deputat olaraq Musa Rahim adlı bu adamın işi ilə hərtərəfli maraqlanmışam və tam məsuliyyətlə deyirəm ki, onu məhz siyasi fəaliyyətinə görə həbs etdilər. Başqa sözlə, hər gün rastlaşdığı, müşahidə etdiyi qanunsuzluqlara etiraz olaraq öz evində aclıq edən və yaşadığı evin üstündə müxtəlif siyasi şüarlar asan bir adamı susdurmaq üçün həbs etdilər. Ancaq bu həbsi əsaslandırmaq üçün tərtib olunan sənədlərdə səbəb kimi guya onun polisə müqavimət göstərdiyi qeyd edildi və hadisənin əsas mahiyyəti gizlədildi. Nəzərinizə çatdırım ki, bu hadisənin mahiyyəti hamıya məlum olduğundan rayonda kimisə bu şəxsin polisə müqavimət göstərdiyinə görə həbs edildiyinə inandırmaq mümkünsüzdür.
Cənab Sədr, siyasi fəaliyyətinə görə bu gün həbsxanada yatan insanların hamısı ailə başçısıdır. Öhdələrində azyaşlı uşaqlar vardır. İndiki dövrdə ailə başçısının həbsxanada olmasının həmin ailə üçün nə demək olduğunu, yəqin ki, izah etməyə ehtiyac yoxdur. Ona görə də qarşıdakı bayramlar ərəfəsində insanpərvərlik mövqeyi nümayiş etdirərək həbs olunan jurnalistlərin, həmçinin haqqında danışdığım Musa Rahimin və onun kimi siyasi fəaliyyətinə görə həbs edilmiş insanların azad edilməsi üçün Sizdən öz səlahiyyətiniz daxilində tədbirlər görməyinizi xahiş edirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar Muradova, buyurun.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən də həmkarlarımın bayram təbriklərinə qoşuluram və bütün həmkarlarımı, o cümlədən Azərbaycan xalqını qarşıdan gələn müqəddəs günlər münasibəti ilə ürəkdən təbrik eləyirəm və mən də çox istəyirəm ki, istənilən bayramı hər kəs öz evində, öz ailəsinin başında, öz yaxınlarının, doğmalarının əhatəsində keçirsin. Bunu istəməmək normal məntiqə sığmayan bir işdir. Amma mən onu da istəyərdim ki, bunu bu gün bu və ya digər səbəbdən məhbəs həyatı yaşayan hər kəs özü də istəsin və hərəkətlərinə, danışığına, bu və ya digər davranışına da diqqət yetirsin. Hamıdan əvvəl ailə başçısı olduğunu özü yadından çıxarmasın. Amma bu o demək deyil ki, kimsə ailə başçısıdırsa, ona qarşı olan haqsız təqiblərə də dözməlidir. Mən qətiyyən bunu söyləmək istəmirəm, amma haqsız söylənilən fikirlərə də qarşı çıxıram.
Mən düşünmürəm ki, bu gün sizin sadaladığınız jurnalistlər və sizin dairədən həbs olunmuş konkret o şəxs, dediyiniz kimi, yalnız siyasi baxışlarına görə həbs olunublar. Keçən iclasda həmkarım Ziyafət müəllim bu məsələyə çox ciddi bir aydınlıq gətirdi. Mən bu gün həmin mövqeni dəstəkləyərək və davam etdirərək söyləmək istəyirəm ki, bu gün Azərbaycanda siyasi baxışlarına görə həbs olunan insanlar yoxdur. Siyasi baxışlarına görə həbs olunmaq nədir? Sizin dediyiniz odur ki, o insanlar bu və ya digər mətbuat vasitəsində konkret olaraq bir partiyanın ideyalarını, məqsədlərini açıqlayıblar, yaxud da hansısa bir konkret şəxsi müdafiə ediblər. Bu şəxsləri bu və ya digər partiya maraqlarını yazılarında müdafiə etdiyinə görə həbs etmək Azərbaycanda qaydaya çevrilsəydi, onda həmin partiyaların rəhbərləri, bu fikirləri cəmiyyətə sırımaq və bundan da öz məqsədləri üçün yararlanmaq istəyən adamlar bu gün azadlıqda olmazdılar. Ona görə mənə elə gəlir ki, bir az ədalətli və obyektiv mövqe sərgiləmək lazımdır.
Mən sizin istəyinizi anlayıram. Bu insanların azadlığa çıxmasını istəməyin özü də normal bir işdir. Amma bunu da normal təqdim etmək lazımdır. Mən hesab eləyirəm ki, bu insanların özləri günahlarının nədən ibarət olduğunu bizim hər birimizdən daha yaxşı bilirlər, amma onu siyasi pərdəyə büküb cəmiyyətə təqdim etmək, mənə elə gəlir ki, digər siyasilərə heç də siyasi dividendlər gətirmir. Daha yaxşı olardı ki, bu insanlar öz günahlarını etiraf etsinlər, bu və ya digər günahlarının əfv olunması üçün ölkə Prezidentinə müraciət etsinlər. Azərbaycanda belə bir humanist siyasət mövcuddur. Bu günə qədər bu addım atılıb, bundan sonra da atıla bilər. Amma mən həmkarlarımdan çox xahiş edirəm ki, bunu bu şəkildə siyasi mübarizə vasitəsinə çevirərək daim gündəmdə saxlamağa cəhd göstərməsinlər.
Azərbaycanda və dünyada kifayət qədər ciddi proseslər gedir, buna münasibət bildirmək lazımdır. Mən bu gün Azərbaycanda hələlik Diffamasiya haqqında qanunun qəbul olunmadığı bir şəraitdə insanların təhqirə, şərəf və ləyaqəti alçaltmağa, digər başqa cinayət məsuliyyəti törədən hərəkətlərə görə məsuliyyətə cəlb olunmasını siyasi fəaliyyətə görə məsuliyyətə cəlb olunma kimi qəbul etməməyi xahiş edərdim, çünki bu bizim qanunvericilikdə öz əksini tapıbdır. Nə qədər bu müddəalar qüvvədədir, onlar tətbiq olunacaqdır. Amma bu da o anlama gəlməməlidir ki, kimsə yalnız siyasi mövqe bildirdiyinə, kimisə tənqid etdiyinə görə həbs olunur. Bu insanların, doğrudan da, konkret cinayət əməlləri var. Hər birini araşdırsanız, görəcəksiniz ki, onların bu və ya digər cinayətdə əli var, yaxud da, doğrudan da, polisə müqavimət göstəriblər. Yəni bu kimi fikirlərlə siyasi maraqlar güdmək, hesab edirəm ki, düzgün deyil.
Mən də türk dili məsələsinə münasibət bildirmək istəyirəm. Bildiyiniz kimi, Konstitusiyamızda göstərilib ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Türk dilinin müxtəlif qolları, müxtəlif qanadları və bunların müxtəlif ləhcələri var. Amma mən düşünmürəm ki, bizdən başqa digər türk dilli respublikalar öz dillərini türk dili ilə eyniləşdirsinlər. Düzdür, burada müəyyən ciddi fərqlərin olduğu meydana çıxır, amma hər kəs öz dilində danışır və öz dilini Konstitusiyasında göstərildiyi kimi adlandırır. Bizim dilimiz Azərbaycan dilidir və Azərbaycan televiziyası və mətbuatında da rəsmi dil kimi qəbul olunubdur. Mənə elə gəlir ki, ilk növbədə bizim özümüz buna hörmət etməliyik. Bu gün “Azərbaycan dili, Azərbaycan ədəbi dili türk dilindən zərər görmür” söyləməyin özü düzgün deyil. Siz baxın ki, bu gün danışıq dilindən sözlərin özünə pasport qazanaraq rəsmi dilə keçmək qaydası pozulub. Bu gün türk rəsmi dilində işlənən sözlər yazı vasitəsi ilə bizim millət vəkillərimizin, siyasilərimizin çıxışlarına bilavasitə qədəm qoyur və rəsmi dildə özünə yer alır. Bu da Azərbaycan dilinin on il bundan əvvəlki vəziyyəti ilə bugünkü vəziyyəti arasında çox böyük fərq yaradıb. Mən bunu bir filoloq, Azərbaycan dili üzrə mütəxəssis kimi söyləyirəm və bu məni ağrıdır. Bu gün Azərbaycan dilinin türk dilləri içərisində özünəməxsus yeri var və qrammatik və üslub baxımından türk dilləri içərisində ən zəngin bir dildir. Nə qədər yaxın, nə qədər qardaş münasibətdə olsaq da, bizim hər birimizin öz dili var və biz onu qorumalıyıq. Ona görə də mən Milli Teleradio Şurasının qərarını müsbət addım kimi qiymətləndirirəm və hesab edirəm ki, ilk növbədə hər birimiz öz dilimizə, öz qayda-qanunlarımıza hörmət etməliyik. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Cari məsələlərin müzakirəsinə ayrılmış vaxt başa çatdı. Baba müəllim çoxdan danışmır. Görürəm ki, nəsə demək istəyir. Baba müəllim, vacib sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
B. Tağıyev. Möhtərəm Sədr, hörmətli millət vəkilləri! Hörmətli həmkarımız Bahar Muradovanın çıxışından sonra artıq mənim danışmağıma ehtiyac qalmadı. Amma bütün bunlarla bərabər, bildirmək istəyirəm ki, mən də Sizin fikrinizlə şərikəm. Hər bir elin-obanın, hər bir xalqın öz dili olduğu kimi, bizim də öz Azərbaycan dilimiz var. Bizim dilimizin öz şirinliyi vardır. Bəli, Türkiyə, Anadolu türkləri bizim üçün çox böyük işlər görmüşlər, hər an bizə yardım əllərini uzatmışlar. Hələ bolşevik inqilabı dövründə ermənilərin törətdiyi qırğınlardan xilas olmağımızda onlar bizə qardaş yardımı göstərmişlər. Bu gün Türkiyənin Ermənistanla sərhədlərini başlaması onların böyük bir qardaş tərəfdarı olduqları, bizim tərəfimizdə olduqlarını bir daha göstərir. Amma bütün bunlarla bərabər, biz öz dilimizə, adət-ənənələrimizə hörmətlə yanaşmalıyıq. İş günümüz çox ağırdır, ona görə təklif edirəm ki, gündəlikdəki məsələlərin müzakirəsinə keçək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Baba müəllim. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Sığorta fəaliyyəti haqqında qanun layihəsi barədədir. Hörmətli millət vəkilləri, bilirsiniz ki, ötən 2 ay ərzində bu qanun layihəsi üzərində həm Milli Məclisin komissiyası, həm Milli Məclisin Aparatı, həm müvafiq dövlət orqanları, həm də bu sahə üzrə peşəkar ekspertlər çox möhkəm işləmiş, çox önəmli bir qanun layihəsi ortaya çıxarılmışdır. Belə bir qanunun tez bir zamanda qəbul edilməsi Azərbaycanın sığorta bazarında çox vacib bir məsələdir. Ona görə də xahiş edirəm, bu qanun layihəsinə çox diqqətlə yanaşasınız. Qanun layihəsi barədə danışmaq üçün Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Sığorta fəaliyyəti haqqında qanun layihəsinin Milli Məclisin iclasında birinci oxunuşda müzakirə olunduğu vaxtdan keçən müddət ərzində layihə üzərində geniş müzakirələr aparılmış, ən yaxşı beynəlxalq təcrübə baxımından və Azərbaycanın sığorta bazarının inkişafı üçün layihənin bütün vacib məqamlara uyğunluğu bir daha təsdiqlənmişdir.
Bununla yanaşı, maraqlı tərəflərin təkliflərinə baxılmış, yüzə yaxın redaktə xarakterli dəyişikliklər edilərək layihənin mətni daha da təkmilləşdirilmişdir. Çıxarılmış, habelə mətnləri birləşdirilmiş maddələrin hesabına layihədə 10 maddə ixtisar edilmişdir. Qanun layihəsi ilə bağlı deputatların, o cümlədən Vahid Əhmədovun, Əli Məsimlinin, Əhməd Vəliyevin, Gülhüseyn Əhmədovun, İltizam Əkbərlinin və digər deputatların ötən müzakirədə səsləndirdikləri, həmçinin Sığortaçılar Assosiasiyasından daxil olmuş digər təkliflər əsasında edilmiş prinsipial dəyişiklikləri nəzərinizə çatdırmaq istərdim.
Birinci oxunuşda müzakirə edilmiş layihədə sığortaçılara verilmiş ilk lisenziyanın müddəti 5 il nəzərdə tutulmuşdu. Lisenziyanın, ümumiyyətlə, müddətsiz verilməsi barədə müzakirələr nəticəsində qərara gəlinmişdir ki, sığorta nəzarəti orqanının istənilən vaxt qanunvericiliyə uyğun qaydada lisenziyanı dayandırmaq və ya ləğv etmək imkanları layihədə nəzərdə tutulduğu üçün ilk lisenziyanın müddətinin 5 il müəyyən edilməsi məqsədəuyğun deyil. Ona görə də sığortaçılara lisenziyanın müddətsiz verilməsi təsbit edilərək layihənin ilk variantındakı 57-ci, 58-ci və 59-cu maddələri çıxarılmış, 43.2, 53.1.5, 54.2.2, 54.2.6-cı maddələrə müvafiq dəyişikliklər edilmişdir.
Bildiyiniz kimi, layihədə Azərbaycan Respublikasında sığortaçıların təsisçisi və ya səhmdarı olmaq istəyən xarici sığortaçılar üçün bir sıra mühüm tələblər nəzərdə tutulmuşdur. Bununla bağlı 19-cu maddədə nəzərdə tutulmuş, öz ölkəsinin sığorta nəzarəti orqanını qane edən səviyyədə olmasının tələbi mücərrəd məzmun kəsb etdiyi üçün həmin tələbin təsbit edildiyi 19.3.1-ci maddə də çıxarılmışdır.
Xarici sığortaçıların və xarici brokerlərin nümayəndəliklərinin açılmasına qoyulan qadağa da irəli sürülmüş təklif əsasında layihədən çıxarılmışdır, çünki müqavilə bağlamaq hüququ olmayan və yalnız təmsilçilik funksiyasını yerinə yetirən nümayəndəliklər hazırda Azərbaycandakı sığorta bazarında mövcuddur və filiallar kimi birbaşa sığorta əməliyyatlarına cəlb edilmədikləri üçün qadağanın götürülməsi məqsədəuyğundur. Xarici sığortaçıların filiallarına qoyulmuş qadağaların çıxarılması isə hazırda inkişaf etmiş sığorta bazarları ilə müqayisədə istər kapitallaşma, istərsə də xidmətlərin keyfiyyəti baxımından zəif inkişaf etmiş yerli sığortaçıların həmin bazarlarla rəqabət apara biləcək səviyyəyə çatana kimi məqsədəuyğun hesab edilir.
Müzakirə etdiyimiz qanun layihəsində yerli sığortaçılar, onların kadr potensialı, sığorta məhsullarının keyfiyyəti, həmçinin sığorta bazarında rəqabət mühiti üçün nəzərdə tutulan tələblərin yaxın zamanlarda tətbiqi ilə bir neçə il ərzində yerli sığortaçıların inkişaf etmiş ölkələrin sığorta şirkətləri ilə rəqabətə davamlı səviyyəsinə nail olmaq mümkündür. Məhz bundan sonra xarici sığortaçıların Azərbaycanın sığorta bazarında filiallar vasitəsi ilə birbaşa əməliyyatlar aparmalarına qoyulmuş qadağa götürülə bilər.
Sığortaçılardan da daxil olmuş təkliflər sırasında sığorta haqlarından məcburi ayırmaların məbləğinin azaldılması daha çox vurğulanmışdır. Qeyd olunan məbləğin azaldılması ilə bu təcrübənin tətbiq olunduğu əksər ölkələrin sığorta nəzarəti orqanlarının modelini Azərbaycanda formalaşdırmaq imkanı bir qədər məhdudlaşır. Buna baxmayaraq, sığorta haqlarından məcburi ayırmalar kimi nəzərdə tutulmuş faizin miqdarı deputatların təklifi ilə 0,5-dən 0,3 faizə endirilmişdir.
Sığortaçının lisenziyasının məhdudlaşdırılması və dayandırılmasından ictimaiyyətin xəbər tutması üçün rəsmi məlumatların yayılması vacibdir. Vətəndaşların və ya hüquqi şəxslərin sığortalanmaq üçün müraciət etdikləri belə sığortaçıların qanunazidd olan sığorta müqavilələri bağlamaq cəhdlərini daha da məhdudlaşdırmaq məqsədi ilə sığortalıların mənafelərinin müdafiəsi baxımından qabaqlayıcı tədbir kimi layihənin 102.7-ci və 103.6-cı maddələrinin lisenziyanın məhdudlaşdırılması və dayandırılması barədə məlumatların müvafiq qərar qəbul edildikdən sonra 1-3 gün müddətində sığorta nəzarəti orqanının mətbuat xidməti tərəfindən yayılmaqla həmin qərarın rəsmi İnternet səhifəsində yerləşdirilməsi nəzərdə tutulmuşdur.
Ötən müzakirədə qeyd etdiyimiz kimi, keyfiyyətli sığorta xidmətlərinin başlıca amillərindən olan yüksək ixtisaslı kadrlara, xüsusən də idarəetmə səlahiyyətli rəhbərlərə qoyulan tələblər qanun layihəsinin təqdirəlayiq cəhətlərindən biridir. Bu prinsipə xələl gətirmədən bütün rəhbər işçilər üçün nəzərdə tutulmuş müvafiq ixtisas imtahanından müvəffəqiyyətlə keçmək tələbinin direktorlar şurasının üzvlərinə şamil edilməməsi ilə bağlı sığorta şəxsiyyətləri, eləcə də bizim deputatlar tərəfindən təqdim edilmiş təklifin müzakirəsi nəticəsində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycanın sığorta bazarında hələ ki mütəxəssislərə olan ehtiyacın kifayət qədər ödənilmədiyini nəzərə alsaq, ixtisas imtahanlarını müvəffəqiyyətlə keçmək tələbinin direktorlar şurasına da şamil olunduğu halda sığortaçıların bu idarəetmə orqanını formalaşdırmaq imkanı olduqca məhdudlaşa bilər. Buna görə də sözügedən tələbin direktorlar şurasının üzvlərinə şamil edilməməsi barədə layihəyə 37.5-ci maddə əlavə olunmuşdur.
Rəhbər işçilərlə bağlı digər mühüm məsələ də onlara dair tələblərin hazırda sığortaçının və ya sığorta brokerinin rəhbər vəzifələrində olan şəxslərə qanun qüvvəyə mindikdən sonra dərhal şamil edilməməsi barədə təklif edilmişdir. İdarəetmə orqanlarında rəhbər vəzifəyə növbəti müddətə təyinatın sığorta nəzarəti orqanı ilə razılaşdırılmasına ehtiyac olmadığından bu barədə 38.1-ci maddəyə yeni müddəa əlavə edilmişdir. Bununla yanaşı, rəhbər işçilərinə qoyulan tələblərin 37.3-cü maddədə rəhbər vəzifəni müvəqqəti icra edən şəxslərə də şamil edilməsi sığortaçıların idarə olunmasında bu gün yol verilən nöqsanların qarşısının alınması üçün vacib düzəlişdir.
Sığortaçıların sığorta bazarındakı əsas işlək mexanizmi sayılan sığorta agentləri ilə bağlı verilən təkliflər nəzərə alınaraq sığorta agentlərinin yalnız bir sığortaçı ilə işləməsini nəzərdə tutan müddəa dəyişdirilərək 80.2-ci maddədə onların bir neçə sığortaçının agenti kimi fəaliyyət göstərmək imkanları təsbit edilmişdir. Həmçinin bank kreditlərinin verilməsi, xaricə gedən turistlərin sığortalanması və sair hallar zamanı istifadə olunan sığorta növlərində müvafiq olaraq bankların, turizm təşkilatlarının və digər hüquqi şəxslərin vasitəçilik fəaliyyətini məhdudlaşdıran müddəalara yenidən baxılmışdır. Qanun layihəsində əsas prioritet istiqamətlərdən olan sığorta bazarında rəqabət mühitinin sağlamlaşdırılmasına xidmət edən bir sıra məqamlara dair müddəalar daha da genişləndirilmişdir. Belə ki, yeni daxil edilmiş 12.3-cü maddədə dövlət orqanlarının, onların struktur bölmələrinin tabeliyində olan təşkilatların, yerlərdəki bölmələrinin, həmçinin yerli icra hakimiyyəti orqanlarının inzibati binalarında sığortaçıların filial və nümayəndəliklərinin, həmçinin sığorta vasitəçilərinin fəaliyyət göstərməsi, o cümlədən sığorta müqavilələrinin bağlanması qadağan olunur.
Bundan başqa, əlavə olunmuş 86.2-ci maddədə sığorta müqaviləsinin bağlanmasında vasitəçilik və ya məsləhət xidməti göstərmiş sığorta brokerinin həmin müqavilə üzrə risklərinin təkrar sığortalanması zamanı vasitəçilik və ya məsləhət xidmətinə cəlb edilməsi qadağan edilir.
Qanun layihəsinin məzmunu ilə bağlı yuxarıda sadalanan əsas dəyişikliklərlə yanaşı, layihədə istifadə olunan anlayışlarla bağlı bir sıra dəqiqləşdirilmələr aparılmış, layihənin “Əsas anlayışlar” hissəsinə sığortaçının tələb olunan kapitalı və öz vəsaiti ilə bağlı ayrıca maddələr daxil edilmişdir. Sığorta müqavilələrinin ödənilməsi ilə bağlı müddəanın risklərin ötürülməsinə fərqli məna ifadə etməsinə baxmayaraq, 70-ci maddədə “sığorta bazarında bu iki əməliyyat arasında qarşılıqlı səbəb olması üçün müqavilələrin ötürülməsi” sözləri “sığorta müqavilələri portfelinin ötürülməsi” sözləri ilə əvəz edilmişdir.
Bilirsiniz ki, biz bu yaxınlarda “Daxili audit haqqında” Qanun qəbul etdik. Qanun artıq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır. Ona görə də təqdim olunan layihədə “Daxili audit haqqında” Qanunun tələblərinə müvafiq olaraq müəyyən düzəlişlər edilmişdir.
Sonda bir məsələyə də diqqəti cəlb etmək istərdim. Sığorta fəaliyyəti haqqında qanun layihəsinin 14.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, sığortaçılar həyat sığortası və ya qeyri-həyat sığortası sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər. Lakin hazırda həyat sığortası ilə məşğul olan sığortaçıların bu sahəni inkişaf etdirmək potensialını nəzərə alaraq layihənin 125.1-ci maddəsində qanun qüvvəyə mindikdən sonra 3 il müddətində onların həyat sığortası ilə məşğul olmaq imkanları saxlanılmışdır. Bu müddəa ilə bağlı sığorta şirkətlərindən, eləcə də Milli Məclisin üzvlərindən daxil olmuş təkliflər arasında yuxarıda qeyd olunan 3 il müddətin 5 ilə qədər artırılması fikri səsləndirilmişdir. Bununla bağlı bildirmək istərdim ki, nəzərdə tutulan 3 illik müddət, təklifdə qeyd olunduğu kimi, güzəşt deyil, sadəcə, keçid dövrüdür. Hesab edirik ki, bu daha düzgün olardı.
Ümumiyyətlə, mən demək istərdim ki, sığorta fəaliyyəti haqqında qanun layihəsi, Oqtay müəllimin qeyd etdiyi kimi, dəfələrlə ekspertlərlə, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi və digər mütəxəssislərin iştirakı ilə müzakirə edilmişdir. Sizə paylanılan variantda həmin düzəlişlərin nə qədər ciddi, geniş və redaktə xarakterli olduğu da göstərilmişdir. Məlumat vermək istərdim ki, bu dəyişikliklər barədə Prezident Aparatının müvafiq strukturları ilə danışıqlar aparılmış, həmin dəyişikliklər, əsasən, razılaşdırılmışdır. Hesab edirəm, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının digər qurumlarla, Milli Məclisin Aparatı ilə apardığı işlər imkan verir millət vəkillərindən xahiş edim ki, bu qanun layihəsinə müsbət münasibətlərini bildirsinlər.
Elə məsələlər var ki, həqiqətən, onları mütləq nəzərə almalıyıq. Nəzərə alırıq ki, yaxın günlərdə, yəqin, biz Mülki Məcəllənin 50-ci maddəsində müvafiq dəyişikliklər edəcəyik. Bütövlükdə qanun layihəsinə müsbət münasibət bildirməyinizi sizdən xahiş edərdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Qanun layihəsinə heç kimin əlavəsi yoxdursa, müzakirələrdə iştirak etmək üçün Valeh müəllim buyursun.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Birinci oxunuşdan sonra deputatların əksəriyyəti layihə ilə tanış olublar və müzakirələrdə iştirak ediblər. Hər kəsin fikri öyrənilib. Çoxları keçirilən görüşlərdə iştirak ediblər. Ona görə də təsadüfi deyil ki, çıxış etmək istəyən də yoxdur. Mənim bir təklifim vardır. Mənim təklifim ondan ibarətdir ki, bu gün layihəyə səs verək və bu il üçüncü oxunuşu da keçirək, qanun da təsirini göstərə bilsin. Bu layihəni çoxdan gözləyirdik, çox gözləyirdik. Bunun bu il qəbul olunması vacibdir. Yəqin ki, Ziyad müəllimin rəhbərlik etdiyi komissiyanın üzvləri, layihə ilə tanış olmuş başqa deputatlarımız bunu dəstəkləyər və təsdiq edərlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə yazılanlar var. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çox hörmətli dəvət olunan qonaqlarımız! Mən də çox hörmətli Valeh müəllimin fikrini dəstəkləyərək, sadəcə olaraq, bu gün müzakirə etdiyimiz qanun layihəsinin qəbul edilməsinə tərəfdaram. Amma bu qanun layihəsi haqqında bir neçə müsbət fikrimi deməyi özümə borc bilirəm.
Hesab edirəm ki, komissiyanın sədri, çox hörmətli akademik Ziyad müəllim bizə layihə barədə ətraflı məlumat verdi. Birinci oxunuşdan sonra mən də hesab edirəm ki, müvafiq komissiya, İqtisadi qanunvericilik şöbəsi və işçi qrupu ikinci oxunuşa təqdim olunan qanun layihəsi üzərində çox işlər aparıblar. Bu baxımdan müzakirə etdiyimiz qanun layihəsi çox təkmilləşdirilmiş bir qanun layihəsidir. Birinci oxunuşda qeyd edildiyi kimi, keçid dövründə ölkə iqtisadiyyatında çox vacib yeri olan qanun olmalıdır. Belə ki, bazar iqtisadiyyatı şəraitində sığorta sahəsi Azərbaycan üçün fərqli və yeni sahədir. Bu sektorda çoxlu işlənməli məqamlar, həll edilməli olan məsələlər vardır.
Ümummilli liderimiz Heydər Əliyev vaxtilə bu mövzuya toxunaraq qeyd edirdi ki, sığorta bu gün Azərbaycan üçün nisbətən yeni və axıra qədər öyrənilməyən sahədir. Biz, şübhəsiz, sığorta işini inkişaf etdirməliyik, lakin bu işi düzgün və peşəkarcasına yerinə yetirməliyik. Bu baxımdan ikinci oxunuşda müzakirə etdiyimiz qanun layihəsi, qeyd edildiyi kimi, sığorta sahəsinin hüquqi bazasının daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
İkinci oxunuşa təqdim edilmiş layihədə 3-cü, 5-ci və 12-ci maddələrin məzmunu daha da dəqiqləşdirilmiş və yeni redaksiyada verilmişdir. 14-cü maddənin mətni sadələşdirilmiş və daha qısa, yığcam verilmişdir. Belə bir yeniləşmə 22-ci maddədə də aparılmışdır. Müzakirə etdiyimiz layihədə çox düzgün olaraq sığortaçının təftiş komissiyası institutu “sığortaçının audit komitəsi” adlandırılır. Bununla bağlı müddəalar təkmilləşdirilərək yeni redaksiyada verilir. Sığortaçının rəhbər işçilərinə dair tələblər mövzusu 37-ci maddədə işçi qrupu tərəfindən yenidən işlənilmiş, ayrı-ayrı müddəalar dəqiqləşdirilmişdir. Bu da ikinci oxunuşa təqdim edilən layihənin müsbət cəhətlərindən biridir və mən bunu yüksək qiymətləndirirəm.
Müzakirə olunan sənədin VI fəsli yeni redaksiyada “Sığorta və təkrar sığorta fəaliyyətinin lisenziyalaşdırılması” adlandırılaraq onun maddələrinin mətni dəyişikliklərə uğramışdır ki, bu da müsbət haldır. 43-cü maddənin adı daha dəqiq “Lisenziyalaşdırmaya dair tələblər” şəklində verilmiş və onun mətni dəqiqləşdirilmişdir. Bu fəsildəki 57, 61-ci maddələr, hesab edirəm ki, birləşdirilir. İkinci oxunuşa təqdim edilən variantda 57 və 58-ci maddələr kimi verilir. Bu dəyişikliyə səbəb 43.2-ci maddə ilə sığorta fəaliyyətinə verilən lisenziyanın müddətsiz olması prinsipinin müəyyənləşdirilməsidir.
“Sığortaçının müstəqil auditoru və maliyyə hesabatları” adlı fəsil yenidən işlənilmiş və 7 maddə ilə yox, 5 maddə ilə verilmişdir.
Ciddi dəyişikliklər 87-101-ci maddələrdə edilmişdir.
“Sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarəti” adlanan fəsil düzgün olaraq yenidən işlənmiş, dəqiqləşdirilmişdir. Bu zaman iqtisadi qanunların müddəaları nəzərə alınmışdır.
Qanun layihəsinin keçid müddəalarında da çox düzgün olaraq dəqiqləşdirmələr aparılmışdır. Onlar yeni redaksiyada verilmişdir. Bu zaman özəl sığorta şirkətinin təklifləri nəzərə alınmışdır. Qeyd etmək istəyirəm ki, özəl sektorun dövlət nəzarətinin liberallaşdırılması ilə bağlı fikirlərinin ikinci oxunuşda nəzərdən keçirilməsi yaxşı olardı. Bütövlükdə daimi komissiya və işçi qrupu tərəfindən layihə üzərində aparılmış müsbət işlər müzakirəyə çıxarılan qanun layihəsinin ikinci oxunuşda ətraflı müzakirəsindən sonra qəbul olunmasına əsas verir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, siyahıda artıq 6 nəfər var. Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.01 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 87
Nəticə: qəbul edildi

Qəbul edildi. Növbəti söz Eldar İbrahimova verilir, buyursun.
E. İbrahimov. Çox sağ olun, hörmətli Sədr. Mən də çıxışa yazıldım ki, Valeh müəllimin fikirlərini davam etdirim. Məndən qabaq çıxış edən hörmətli həmkarım Elton müəllim ətraflı dedi. Bu qanun bizim üçün çox əhəmiyyətli, vacib qanunlardan biridir. Bu qanun layihəsi üzərində xeyli vaxtdır iş gedir. Mən qanun layihəsi ilə tanış olmuşam. Ziyad müəllimlə də bir neçə dəfə fikir mübadiləsi etmişik. Ona görə mən ikinci oxunuşun qaydalarına uyğun olaraq təklif edərdim ki, qanun layihəsini fəsil-fəsil səsə qoyaq, qəbul edək. Bu vacib qanundur. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, Sığorta fəaliyyəti haqqında qanun layihəsi barədə hörmətli həmkarımız Ziyad müəllim ətraflı məlumat verdi. Layihə müəllifləri İqtisadi siyasət daimi komissiyası və işçi qrupu hazırda qüvvədə olan “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun təkmilləşdirilməsi üçün xeyli iş görmüşlər. Biz inanırıq ki, 132 maddədən ibarət olan qanun sığorta fəaliyyətinin bütün məsələlərini əhatə etməklə yanaşı, ölkəmizdə sığorta bazarının formalaşmasına güclü təkan verəcək və bu sahənin qanunvericilik bazasında mövcud olan boşluqları aradan qaldıracaqdır. Bununla yanaşı, qanun layihəsi ilə bağlı irad və təkliflərimi bildirmək istəyirəm.
Layihədə bu qanunun hansı məsələləri tənzimləməsi, əhatə dairəsini əks edən preambula hissəsi və ayrıca maddə verilməlidir. Yaxşı olar ki, bu məsələ layihədə öz əksini tapsın. Bu halda 2.3-cü maddəyə ehtiyac qalmazdı.
“Əsas anlayışlar” adlanan 1-ci maddə həddindən çox izahat verir ki, bunların çoxuna ehtiyac yoxdur. Məsələn, 1.1.30, 1.1.33-cü maddələrdə “fiziki və hüquqi şəxslər” anlayışları, “sığorta fəaliyyəti” anlayışı bu maddə əvəzinə 10-cu maddədə verilmişdir. Bəzi anlayışlar, məsələn, “şərikli sığorta” açıqlansa da, bu anlayışlarla bağlı məsələlər layihədə müvafiq maddələrdə verilməmişdir. 1.1.4, 1.1.5-ci maddələrdə “sığorta” və “sığorta olunan” anlayışlarını fərqləndirmək üçün layihədə verilən izahatlar kifayət deyildir. Bu səbəbdən bəzi maddələr, məsələn, 14-cü maddəni ayırmaq mümkün olardı. Bu anlayışların geniş izahatını verməyə ehtiyac vardır. Müvafiq maddələrin götürülməsi isə qanunun daha anlayışlı olmasını təmin edərdi.
Layihənin 3-cü maddəsində “Sığortanın formaları və növləri” adlanan və bu maddədə əvvəlcədən “icbari və könüllü sığorta” formasına aydınlıq gətirildikdən sonra digər maddələrin verilməsi düzgün olardı. Layihənin “Sığorta növü“ adlanan 16-cı maddəsinin isə birləşdirilməsi və yenidən işlənməsi yaxşı olardı. 5-ci maddədə göstərilir ki, sığorta sistemi sığorta bazarının iştirakçılarından və sığorta nəzarəti orqanından ibarətdir.
Bu maddədə sığorta bazarının iştirakçısı haqqında, sonrakı maddələrdə isə onların vəzifə və hüquqları, fəaliyyətin qaydaları və digər məsələlər öz geniş əksini tapdığı halda, sığorta nəzarəti orqanının yaradılması və fəaliyyəti haqqında, onun vəzifələrini, hüquqlarını, məsuliyyətini əks etdirən ayrıca maddə yoxdur. Hesab edirəm ki, bu məsələ öz əksini, həllini tapmalı və layihənin 2.2-ci maddəsində, 93, 102-ci və başqa maddələrində bu orqana aid müddəalar həmin maddələrdə yenidən işlənməklə təsbit edilməlidir. Belə olan halda sığorta nəzarəti orqanının sığorta sistemində rolu daha aydın nəzərə çarpacaq və qanunun həcmi azaldılaraq daha yaxşı mənimsəniləcək, bu orqanla bağlı layihənin müxtəlif maddələrindəki pərakəndəlik aradan qaldırılacaq. Bununla yanaşı, layihədə həmin orqanlara çox səlahiyyətlər verilir ki, bu da sığorta fəaliyyətinə əngəllər törədə bilər. Ona görə də layihədə sığorta bazarı iştirakçılarının sığorta nəzarəti orqanından asılılığının azaldılmasına ehtiyac vardır.
Layihənin 26.1.10-cu maddəsində qeyd olunur ki, sığortaçının səhmdarlarının ümumi yığıncağı İdarə Heyətinin üzvlərini, o cümlədən sədrini və onun müavinlərini seçmək, onların səlahiyyətlərinə xitam vermək səlahiyyətinə malikdir. Lakin “Sığortaçının İdarə Heyəti” adlanan 31-ci maddədə İdarə Heyətinin üzvlərinin, sədrinin və müavinlərinin təyin edilməsi göstərilir. Bu, 26.1.10-cu maddəyə ziddir.
Eyni zamanda, layihənin 38.1-ci maddəsində göstərilir ki, sığortaçının rəhbər işçiləri, yəni layihənin 37.1-ci maddəsinə uyğun olaraq Direktorlar Şurası, İdarə Heyəti və Audit Komitəsinin üzvləri və digər şəxslər rəhbər vəzifələrə sığorta nəzarəti orqanlarının razılığı əsasında təyin edilirlər. Bu da qanun layihəsinin 26.1.10, 29.1.7-ci maddələrinə və Mülki Məcəllənin 107.1.2-ci maddəsinə ziddir. Layihənin 31-ci maddəsinə görə rəhbər vəzifələrinə şəxslər sığortaçının rəhbər işçiləri sırasından təyin olunurlar. Layihənin 37-ci maddəsində sığortaçının rəhbər işçilərinə dair tələblər göstərilir. “Sığortaçının rəhbər işçiləri və müstəqil auditoru barədə məlumat” adlanan 42-ci maddəyə ehtiyac yoxdur. Bunu yığcam formada bir maddəyə, yəni 30-cu maddəyə əlavə etmək olar.
25-42-ci maddələri əhatə edən “sığortaçılarda korporativ idarəetmə” adlanan IV fəsil “Sığorta fəaliyyətinin korporativ idarəetməsi” adlandırılsa, daha yaxşı olardı.
Ümumilikdə, mən də bu qanun layihəsinin səsə qoyulmasına tərəfdaram və millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinə səs versinlər.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu gün Sığorta fəaliyyəti haqqında qanun layihəsi hörmətli Ziyad müəllim tərəfindən ikinci oxunuşda birinci oxunuşdan sonra aparılan düzəlişlərlə əlaqədar çox yüksək səviyyədə təqdim olundu, bir daha millət vəkillərinə çatdırıldı. On beş fəsil, 132 maddədən ibarət olan qanun layihəsi, həqiqətən də, Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəlləsinin, beynəlxalq müqavilələrdən irəli gələn bütün normativ hüquqi aktların şərtlərini özündə təcəssüm etdirir. Ona görə də hesab edirəm ki, bu qanun layihəsi mükəmməl işlənmişdir. Qanun layihəsində sığorta sirri, sığorta bazarı haqqında, inhisarçılara qarşı mübarizə aydın göstərilmişdir. Düzdür, məndən əvvəl çıxış edən bütün millət vəkilləri bunların hamısını maddə-maddə göstərdilər. Mən deyilənləri bir də təkrar edib vaxtınızı almaq istəmirəm.
Burada çirkli pulların yuyulmasına qarşı maddələr yenidən işlənmiş, hazırlanmışdır. Qanun layihəsində sığortaçının Direktorlar Şurasının səlahiyyət və vəzifələri də aydın şəkildə göstərilmişdir. Sığortaçılara lisenziyanın verilməsi, bunun geri qaytarılması, üstəlik sığortaçıların özlərinin investisiyalarının bu sahəyə yönəldilməsi tam və aydın şəkildə yenidən işlənmişdir. Əlbəttə, dövlətin sığorta fəaliyyətinə nəzarəti ilə bağlı birinci oxunuşdan sonra edilən dəyişikliklər burada öz əksini tapıb. Mən bir daha İqtisadi siyasət daimi komissiyasına minnətdarlığımı bildirirəm. Çox yüksək səviyyədə işlənmiş qanun layihəsidir. Mən də yoldaşlar kimi təklif edirəm ki, qanun layihəsini ikinci oxunuşda maddə-maddə müzakirə edib səs verək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hamımıza məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsini rəhbər tutaraq Sığorta fəaliyyəti haqqında qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmişdir. Bildiyimiz kimi, ölkə iqtisadiyyatının durmadan inkişaf etməsi sığorta bazarından da yan keçməmişdir. Durmadan inkişaf edən ölkədə yaradılan müxtəlif şirkət və firmalarla yanaşı, eyni zamanda, yeni, beynəlxalq tələblərə cavab verən sığorta şirkətlərinin yaradılması və fəaliyyət göstərməsi çox vacib məsələlərdən biridir. Hazırda ölkə başçısı tərəfindən sizlərin müzakirəsinə təqdim edilən qanun layihəsi ölkəmizdə sığorta sahəsinin daha da inkişaf etməsinə və bu sahənin beynəlxalq tələblərə tam uyğun formalaşmasına çox böyük imkanlar yaradır. Onu da vurğulamaq istərdim ki, mütərəqqi hazırlanmış bu qanun layihəsi ilə yanaşı, Mülki Məcəllənin “Sığorta” adlanan fəslinin də yeni redaksiyada qəbul edilməsi tələb olunur. Sığorta fəaliyyəti mülki qanunvericilik sahəsinə aid olduğundan hər iki qanun layihəsinin Milli Məclisdə eyni vaxtda müzakirə olunmasını, onların arasında müqayisəli analizin aparılmasını zəruri hesab edirəm. Mən bu qanun layihəsinin Milli Məclis tərəfindən qəbul olunmasını məqsədəuyğun hesab edirəm. Hesab edirəm ki, qanun layihəsi bu formada ikinci oxunuşda qəbul edilə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Ərəstun müəllim. Başqa çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən belə başa düşdüm ki, çıxış edənlərin hamısı bu qanun layihəsini bəyənirlər və ikinci oxunuşda qəbul edilməsini təklif edirlər. Qanun layihəsi on beş fəsildən ibarətdir. Daxili Nizamnaməyə görə biz hər fəsli ayrıca səsə qoymalıyıq, sonra layihəni ümumi səsverməyə qoyacağıq. I fəslə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
II fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 83
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 84
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
III fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
IV fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
V fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
VI fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
VII fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
VIII fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
IX fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
X fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
XI fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
XII fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
XIII fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
XIV fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, XV fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi.
Qanun layihəsinə ikinci oxunuşda bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 83
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Burada təkliflər deyildi, Ziyad müəllim həmin təkliflərə müəyyən qədər baxar, növbəti iclaslarda bunları nəzərə almaq olar.
Gündəliyin üçüncü məsələsi – Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov danışacaq. Buyurun, Əli müəllim.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisə bizim komissiya tərəfindən təqdim olunub. Bilirsiniz ki, respublikamızda hüquq islahatları çərçivəsində cəzaçəkmə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin hüquq və azadlıqlarının, mənafelərinin təmin olunması sahəsində məqsədyönlü işlər həyata keçirilir.
Son dövrlərdə aparılmış xidməti araşdırmalar onu göstərir ki, cəzaçəkmə müəssisələrinə aid qaydaların kobud surətdə pozulması, qanunvericiliklə qadağan olunmuş əşyaların, o cümlədən narkotik maddələrin, mobil telefonların içəriyə keçirilməsi hallarına yol verilir. Qeyd etməliyəm ki, bu əməllərə görə İnzibati Xətalar Məcəlləsinin 343-cü maddəsinə müvafiq olaraq alkoqollu içkilərin, güclü təsir göstərən maddələrin, pulun verilməsinə və ya əşya və malların cəzaçəkmə müəssisələrində, tərbiyə müəssisələrində və istintaq təcridxanalarında saxlanan şəxslərə yoxlamadan gizlətməklə hər hansı üsulla verilməsinə və ya verməyə cəhd etməyə görə inzibati məsuliyyət var. Bu məsuliyyət şərti maliyyə vahidinin 35 mislindən 40 mislinədək miqdarda cərimədir. Maddənin məzmunundan da görürsünüz ki, tətbiq ediləcək sanksiyalar inzibati xarakter daşıyır və yetərli deyil. Bir məsələ ilə bağlı bir sıra ölkələrin qanunvericiliyini də təhlil etmişik. Məsələn, Gürcüstanda, Qazaxıstanda, Ukraynada, Moldovada bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan SSR-nin 1960-cı il Cinayət Məcəlləsinin 185-3-cü maddəsində islah-əmək müəssisələrində saxlanılan şəxslərə narkotik maddələrin qanunsuz verilməsi məsələləri cinayət məsuliyyəti kimi nəzərdə tutulmuşdu. Ona görə biz hesab edirik ki, belə bir əməlin Cinayət Məcəlləsində nəzərdə tutulması daha məqsədəmüvafiqdir. Cəzaçəkmə müəssisələrində qanunçuluğun gücləndirilməsinə xidmət edəcək bu əlavə qəbul olunarsa, 343-cü maddənin İnzibati Xətalar Məcəlləsindən çıxarılması və orada müvafiq texniki düzəlişin edilməsi zərurəti yaranacaqdır. Mahiyyət bununla bağlıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. İnzibati Xətalar Məcəlləsindən müvafiq maddə çıxarılmasaydı, bu əlavə və dəyişikliklər haqqında bəlkə də danışmazdım. Məsələ burasındadır ki, hər hansı bir əməlin və yaxud hüquq pozuntusunun cinayət qanunvericiliyində cinayət məsuliyyəti kimi öz əksini tapması, hesab edirəm ki, ciddi bir hadisədir. Əgər bu vaxta qədər müvafiq Cinayət Məcəlləsində bu əməl cinayət hərəkəti sayılmırdısa, əslində, indi onun qanunvericilikdə cinayət kimi təsbit olunmasını və bundan irəli gələn cəzanın nəzərdə tutulmasını zəruri eləyən ictimai tələb olmalı idi. Hörmətli Əli müəllim də bu məsələyə toxundu və dedi ki, son dövrlərdə cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına mobil telefonların, bəzi başqa əşyaların ötürülməsi halları artıb. Mənə elə gəlir ki, bu, kifayət deyil. O ki qaldı məsələn, narkotik maddələr və yaxud qumar oyunu zamanı istifadə edilən əşyalara, onsuz da onlar Cinayət Məcəlləsinin müvafiq maddələrində cinayət əməli kimi harada olmasından asılı olmayaraq nəzərdə tutulmuşdur. Eləcə də onların saxlanmasına, soyuq və başqa silahın, əşyanın cəzaçəkmə müəssisəsinə və ya istintaq təcridxanasına ötürülməsinə dair Cinayət Məcəlləsində cinayət əməli kimi nəzərdə tutulan maddələr var idi.
Bizim Cinayət Məcəlləsinin 145-ci maddəsində, burada peşəkar hüquqşünaslarımız iştirak edir, “cinayət” anlayışı verilmişdir. Hər halda Azərbaycanın cinayət qanunvericiliyi doktrinasında daim qeyd olunur ki, bizdə daha çox bəzi ölkələrdən gəlmə bir ənənə kimi müşahidə edilən cinayətin formal və maddi tərəfinin qanunvericilikdə cinayət kimi təsbit olunmasından əlavə, onun ictimai təhlükəliliyi məsələsi də olduqca həlledici əhəmiyyətə malik obyektiv cəhət kimi götürülüb. Bu baxımdan bir anlığa təsəvvür edək ki, bir məhbusun və ya istintaq təcridxanasında saxlanılan şəxsin anası ad günü ərəfəsində həmin cəzaçəkmə müəssisəsinə gedir, oğluna spirtli içki ötürür. Mümkün olan haldır. İnzibati Xətalar Məcəlləsindən bu maddəni çıxarsaq, bu, birmənalı şəkildə dərhal cinayət sayılır, ananın hərəkətində ictimai təhlükəlilik, mənim fikrimcə, mövcud olmadığı halda, o, cinayətkar kimi məhkum olunmaq halı ilə üzləşir.
Bir çox konkret misallar gətirmək olar. Bir daha təkrar edirəm ki, cəzaçəkmə müəssisələrinə qanunsuz olaraq əşyaların ötürülməsi ictimai təhlükəli əməl sayıla bilməz. Bizim hörmətli qanunvericilik təşəbbüsçülərinin diqqətinə onu da çatdırmaq istərdim ki, qanunazidd hər bir hüquq pozuntusu heç də cinayət hərəkəti deyildir. Hamıya məlum olan məsələnin İnzibati Xətalar Məcəlləsində inzibati pozuntu kimi götürülməsinə imkan verən maddə artıq saxlanılmır. Belə bir şəraitdə olduqca birtərəfli hərəkət haqqında cinayət cəzası müəyyən etməklə onu ağırlaşdırırıq. Bu, ümumiyyətlə, bizi, – yəqin ki, hüquqşünaslar da danışacaqlar, – Azərbaycan cinayət qanunvericiliyinin ənənəsinə və indiki halda Cinayət Məcəlləsində “cinayət” anlayışına o qədər də uyğun olmayan hallarla üzləşdirəcəkdir. Guya bu maddə Cinayət Məcəlləsinə salındıqdan sonra mobil telefonların, yaxud digər başqa əşyaların ötürülməsi dayandırılacaqdır. Mən bununla qətiyyən razı deyiləm, çünki atılan addım bu sahədə korrupsiyanın artmasına, qeyri-qanuni hərəkətlərin edilməsinə, vəzifəli şəxslər tərəfindən daha ciddi qanun pozuntularının törədilməsinə səbəb olacaqdır.
Mən sizi inandırıram, hörmətli qanunvericilik təşəbbüsünün iştirakçıları, biz burada heç də intizamın möhkəmlənməsinə və yaxud qeyri-qanuni hərəkətlərin azalmasına nail ola bilməyəcəyik, əksinə, onların çoxalmasına şərait yaradacağıq. İstənilən şəraitdə bu və ya digər yollarla hətta sizin ağlınıza belə gəlməyən əşyaların cəzaçəkmə müəssisələrinə ötürülməsi və sair mexanizmlər mövcuddur.
Nəhayət, bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Biz bu yaxınlarda istintaq təcridxanalarında məhbusların saxlanma şəraiti ilə bağlı qanun layihəsini birinci oxunuşdan keçirdik. Gözlənilirdi ki, – sessiyanın iş planında da var idi, – həmin qanun layihəsi ikinci oxunuşda da qəbul ediləcəkdir. Onu indidən qəbul etməklə, sözün doğrusu, maddələrin işləməməsi üçün bir növ hərəkət etmiş oluruq. O mənada ki, “qadağan olunmuş əşyalar” olduqca mütəhərrik anlayışdır, çünki onlar Əsasnamə ilə müəyyən edilir. Cəzaçəkmə müəssisələri haqqında qanunda onların bəziləri sadalanır. Burada isə olduqca geniş kateqoriyanı əhatə edən müxtəlif növ əşyalar nəzərdə tutulub ki, onlar da çox subyektiv mülahizələrin, deməli, işə düşməsinə səbəb olur.
Əli müəllim qadağan olunmuş əşyalar kimi alkoqollu içkiləri və sair konkret əşyaları sadaladı. Halbuki bunlar ötürülən icazəsiz əşyalara aid edilsə də, ancaq mövcud deyildir. Bununla da biz cəzaçəkmə müəssisələrində məhbuslara və ya istintaq altında olan şəxslərə qarşı olduqca qeyri-qanuni hərəkətlərin edilməsinə, sui-istifadələrə şərait yaratmış olarıq. Biz bu qanunu qəbul edəndə mütləq tərəfindən asılı olmayaraq həm təqib olunan, həm də təqib edənin hüquqlarını eyni ölçüb-biçməliyik. Bu baxımdan mən təklif edərdim ki, dəyişikliyə, xüsusən maddənin İnzibati Xətalar Məcəlləsində saxlanması məsələsinə bir də baxılsın. Çünki elə məsələlər var ki, onlarda zahiri cinayət əməlinin, cinayət hərəkətinin əlamətləri mövcud olur, amma onlar cinayət sayılmır. Avtomobil qəzalarında, başqa məsələlərdə olduğu kimi, sürəti artırmaq hüquq pozuntusudur, amma qəza baş verib, digər şəxs xəsarət almayıbsa, bu, inzibati pozuntu sayılır. Bütün bunları nəzərə alaraq məsələyə bir də qayıdılmasını və layihənin bu gün qəbul edilməməsini təklif edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bu məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Cinayət hüququ mənim birbaşa dar ixtisasımdır. Millət vəkillərinin diqqətinə bir şeyi çatdırmaq istəyirəm ki, ümumiyyətlə, cəzanı sərtləşdirməklə cinayətkarlığa qarşı mübarizədə ciddi nəticələr əldə etmək mümkün deyil. Bu, qısa bir dövr üçün səmərə verir. Xüsusilə konkret cinayət növləri cəmiyyətdə kəskin surətdə artanda dövlət həmin məsələləri tənzimləmək üçün cəzanı sərtləşdirir və həmin cəzanın artmasını doğuran səbəb və şəraitin aradan qaldırılması istiqamətində konkret işlər görür.
Mən vaxtilə bu misalı çəkmişdim. Orta əsrlərdə İngiltərə kralı oğruları hər bazar günü meydana yığdırıb qollarını vurdururdu. Doğrudan da, bir müddət insanlar qorxdu, oğruların sayı azaldı, amma sonradan insanların meydana yığışmasından istifadə edən oğrular basabasdan istifadə edib camaatın cibinə girməyə, boş qalmış evləri qarət etməyə başladılar. İnsanın psixologiyası elədir ki, ən sərt cəzaya da bir müddətdən sonra uyğunlaşır.
Bəs biz bu cəzaları sərtləşdirməklə nəyə nail oluruq? Cəmiyyəti qəddarlaşdırırıq, sərtləşdiririk. Bu cür sərt cəzaları olan cəmiyyətdə yaşayan hər birimiz, qohumlarımız, vətəndaşlarımız özləri də nə zamansa belə qəddarlığın qurbanına çevrilə bilərlər. İnsanların münasibətlərində bu sərtlik yaranır və mən hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsindən, məndən öncə həmkarım Pənah bəy çıxışında dedi, bu normanı çıxarmaq lazım deyil.
Cinayət Məcəlləsində cəza hansı əməllərə görə müəyyənləşdirilməlidir? Burada təklif verirəm, 317-1.1-ci maddədə cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə müvafiq qanuna əsasən hazırlanması, daşınması, saxlanılması, satılması qadağan olunan malların, maddələrin, əşyaların ötürülməsinə görə cinayət məsuliyyəti müəyyənləşdirək və bu şəxslər törətdikləri cinayətlərin məsuliyyətini daşısınlar. Bu əşyalar hansılardır? Tutaq ki, odlu, soyuq silahı, narkotik maddələri kim isə içəri buraxırsa, buna görə cinayətlərin cəmi qaydasında məsuliyyətə cəlb olunsun.
Burada qeyd olundu ki, kim isə içəri bir mobil telefon, spirtli içki, yaxud pul vəsaiti ötürürsə, buna görə inzibati məsuliyyət olmadan birbaşa cinayət işinin qaldırılması qətiyyən doğru deyil. Təklif edirəm ki, həmin şəxs əvvəlcə inzibati məsuliyyətə, əgər il ərzində həmin əməllərə yenidən yol verərsə, o zaman cinayət məsuliyyətinə cəlb olunsun. 317-1-ci maddədə belə bir norma nəzərdə tutaq. Birbaşa bu əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutacağıqsa, mən sizə tam məsuliyyətlə deyirəm, bu, sui-istifadə hallarının miqdarını artıracaq. Gəlin, içəriyə bu cür malların ötürülməsinin qarşısını inzibati məsuliyyəti gücləndirməklə alaq.
Mən bununla da çıxışımı yekunlaşdırır və qeyd eləmək istəyirəm ki, cəzanın ağırlığı yox, cəzanın labüdlüyü çəkindirici amildir. Bu, kriminologiyada, cinayət hüququnda, cəmiyyətdə də belədir. İnsan fikirləşməməlidir ki, mobil telefonu içəri ötürmək istəyirsə və o tutulsa, hansısa formada məsuliyyətdən yaxa qurtara biləcək, kimə isə yuxarıdan zəng etdirəcək, pul verib özünü vəziyyətdən çıxaracaq. İnsanlar bəzən ən yüngül cəzanı da almaq istəmirlər. Onlar bir pis əməli eləyəndə, adətən, fikirləşirlər ki, bir yol tapıb cəzadan yayınacaqlar. Bunun üçün də həmin sahədə intizam və məsuliyyət gücləndirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən bu məsələyə bir az başqa tərəfdən yanaşmaq istəyirəm və hesab eləmirəm ki, inzibati məsuliyyət kimi bunu yeni formada cinayət məsuliyyətinə şamil eləmək müəyyən problemlər yarada bilər. Burada, sadəcə, subyektin düzgün seçilməsi məsələsində həmkarlarımla razıyam. Bildiyimiz kimi, son dövrlərdə cəzaçəkmə müəssisələrində, ümumiyyətlə, münasibətlərin hüquq müstəvisinə gətirilməsi bu sahədə çox ciddi irəliləyişlərə səbəb olmuşdur. Etiraf eləmək lazımdır ki, müəyyən neqativ hallar istisna olunmaqla, hüquq mühafizəçiləri, müxtəlif şəxslər cəzaçəkmə müəssisələrinə gedəndə orada vəziyyətin xeyli yaxşılaşdığını görürlər və çox vaxt bunu mətbuatda bəyan edirlər. Hüquq müstəvisində münasibətlərin bu cür tənzimlənməsi istər əsaslı şəkildə məhbusların orada əziyyət çəkməsinin, istər ölüm hallarının aşkar edilməsinin, istərsə də sıxıntılar keçirməsinin qarşısını alır.
Buradakı dəyişiklikdə bir təhlükəli məqam, əslində, başqa bir şeylə bağlıdır. Bu subyekti biz niyə istintaq təcridxanalarında saxlanılan, əşyanı yoxlamadan gizlətməklə ora ötürən şəxslərə şamil edirik? Bunun heç bir məntiqi yoxdur. Yəni o baxımdan bunun 317.1.2-ci maddədə qeyd olunduğu kimi, öz qulluq mövqeyindən istifadə edən şəxsə şamil edilməsi normaldır, çünki dövlət ona əmək haqqı ödəyir, müəyyən səlahiyyətlər verir və boynuna vəzifə qoyur.
Doğrudan da, oğluna oxumaq üçün Hitlerin indi çox dəbdə olan kitabını, qadağan qoyulmuş əşya kateqoriyasına daxil olan spirtli içki, yaxud başqa bir əşyanı içəri keçirən ananın əlavə iztirab çəkməsinin, məsuliyyətə cəlb olunmasının, məncə, heç bir mənası yoxdur. Odur ki, 317.1-ci maddə bilavasitə öz qulluq mövqeyindən istifadə edərək belə əşyaları ötürən şəxsə şamil olunmalıdır. Bunu daha vətəndaşa, yaxın adama aid etmək doğru deyil. Orada işləyən nəzarətçi yoxlamanı dəqiq aparsa, içəri qanunsuz əşya buraxılmaz. Məsələnin sadə həlli budur.
İkinci bir məsələ. Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunan əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması... Bunların çoxaldılması ilə, – açığı, indi hörmətli Əli müəllim də, yəqin ki, buna dair öz fikrini bildirəcəkdir, – biz həbsdə, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin üzərinə əlavə yük qoyuruq. Onsuz da onun hüquqları məhdudlaşıbdır. Burada “hazırlanması, saxlanılması və istifadəsi” qalsın. “Daşınması” artıqdır, onun orada nəqliyyat vasitəsi də yoxdur, həbsdən nəyi daşıyacaq? O kateqoriyanı bir az genişləndirdikcə daha çox sui-istifadəyə yol açırıq. Ona görə də dediyim üç qeyri-qanuni hərəkətin burada saxlanılmasının tərəfdarıyam, çünki həbsxana şəraiti elədir ki, bəzən imkansız məhkumların üzərinə nəyi isə qoyub bir daha cəzalanmaları üçün müəyyən addımlar atıla bilir.
Həbsdə olan şəxsin təzədən mühakimə olunma yolları çoxdur. Həm cəzaçəkmə müəssisəsinin rəhbərliyi, həm orada onunla olan müəyyən insanların fəaliyyəti nəticəsində istənilən məhkum şəxsə böhtan atmaq, ya da onun çiyninə müəyyən bir cinayət əməlini yükləmək olar. Bu baxımdan biz bir az da onun iztirabını, əziyyətini artırmaq yolunu tutmamalıyıq. Düşünürəm ki, müddəti də çox göstərmək olmaz, çünki həbsxanada yatan şəxsin hər hansı bir qanunsuz əşyanı hazırlaması, saxlaması, yenə də deyirəm, nəzarətin zəif olması ilə bağlı məsələdir. Ona görə burada iki il müddətini bəlkə 6 aya endirək, bu, onsuz da orada yatır, biz də bir yandan ona əlavə cəza müddəti müəyyən edirik. Bu baxımdan o cəzanı yüngülləşdirmək, məncə, faydalı ola bilər, qanunun mahiyyətinə də zidd gəlməz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Əli müəllim, buyurun, çıxışlara münasibət bildirin.
Ə. Hüseynov. Sağ olun, Ziyafət müəllim. Mənim münasibətim çox qısa olacaq. Elə düşünürəm ki, hüquqşünas həmkarlarımın qoyduğu İnzibati Xətalar Məcəlləsində olan o müddəanın qorunub saxlanması, təkrarçılıq halında cinayət məsuliyyətinin nəzərdə tutulması və sanksiyanın daha da yumşaldılması məsələləri bizi qanun layihəsinə yenidən baxmağa məcbur edir. Ona görə də, Ziyafət müəllim, təkliflərlə razıyam, elə bilirəm ki, işçi qaydasında bunun üzərində işləməli olacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Başqa münasibət bildirmək istəyən varmı? Yoxdur. Mən də fikrimi demək istəyirəm. Əli müəllim dedi, yəqin ki, müəyyən məsələyə baxacaqlar. Əvvəlcə Pənah Hüseynin fikrinə münasibətimi bildirirəm. Maddənin İnzibati Xətalar Məcəlləsindən çıxarılması, mən hesab edirəm ki, düzgündür, çünki uzun illərdir ki, bu məsuliyyət həmin məcəllədə nəzərdə tutulmuşdur. Əgər bu, səmərə versəydi, təbii ki, belə bir ehtiyac ortaya çıxmazdı. Yəni səmərəsi olmadığına görə biz bu əməli kriminallaşdırdıq, İnzibati Xətalar Məcəlləsindən Cinayət Məcəlləsinə keçirdik.
Burada Pənah Hüseyn dedi ki, bir ana yeni ilqabağı, deyək ki, oğluna spirtli içki aparır. İnanmıram ki, azərbaycanlı ana oğluna spirtli içki aparsın. Bu bir. İkincisi, söhbət təkcə anadan getmir. Burada kriminal ünsürlərin həbsxanalara, yəni azadlıqdan məhrum olunan yerlərə apardığı qanunsuz əşyalar nəzərdə tutulur.
Bilirsiniz, ümumiyyətlə, cinayət hüququnda da, inzibati hüquqda da bir səbəbli əlaqə anlayışı var. Yəni inzibati xəta, xətaya görə verilən cəza və bunlar arasında nisbət. Eyni zamanda, cinayət, cinayətə görə verilən cəza və bunlar arasında nisbət. Uzun illər, bəli, belə müəyyən olunmuşdu. Bu qadağanların qoyulmasına, inzibati məsuliyyətin tətbiq edilməsinə baxmayaraq, çox təəssüf ki, azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər ondan nəticə çıxarmırlar. Ona görə biz də məcburuq, bu addımı atırıq.
İkinci bir tərəfdən, bu cür cəzanın müəyyən olunması, yəni cəzanın Cinayət Məcəlləsi müstəvisinə keçirilməsi o demək deyil ki, biz elə başdan ayağa orada oturan insanların hamısını əlavə cəzalara məhkum edirik. Sadəcə, bu cinayət cəzasının özündə bir çəkindirmə funksiyası var. Məhbus, yaxud məhbusa hər hansı bir əşyanı aparan da bilsin ki, bu qadağandır. Həmin yerdə, əlbəttə, ora gələn şəxslərə izah olunur ki, filan şeyi gətirmək olar, filan şeyi gətirmək olmaz.
Burada Fazil müəllim azadlıqdan məhrumetmə yerlərində, belə deyək də, türmədə rəhbər şəxslərin vəzifələrindən sui-istifadə etməsindən söhbət açdı. Əlbəttə, burada onun məsuliyyəti nəzərdə tutulubdur. Yəni digər üsullarla həmin o əşyaların keçirilməsi elə onların məsuliyyətini özündə ehtiva edir. Söhbət təkcə qanunsuz əşya gətirənlərdən yox, həm də o əşyaların içəri ötürülməsinə şərait yardan şəxslərin məsuliyyətindən gedir. Ona görə mən hesab edirəm ki, bu, tamamilə normal məsələ, normal bir haldır. Mən yenə deyirəm, Əli müəllim müəyyən məsələni nəzərə ala bilər, amma bu məsələnin Cinayət Məcəlləsi qaydasında həll olunması tamamilə normaldır. Başqa çıxış etmək istəyən varmı? Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 63
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 3  
İştirak edir 69
Nəticə: yetərsay yoxdur

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, Əli müəllim, Siz nə təklif etdiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Belə başa düşdüm, dediniz, bəzi məsələləri biz nəzərə alacağıq.
Ə. Hüseynov. Xeyr, Ziyafət müəllim, əksinə, mən dedim ki, biz bunu işçi qaydasında yenidən işləyib, təqdim edəcəyik.
Sədrlik edən. Hə, yenidən işləyib, təqdim edəcəksiniz. Aydındır. Bu məsələ təkrar səsə qoyulmur. Əli müəllim qeyd etdi ki, komissiya bu məsələyə yenidən baxıb qərar çıxarar, onda səsvermə aparılar.
Növbəti məsələ, Avtomobil nəqliyyatı haqqında qanun layihəsi. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə Avtomobil nəqliyyatı haqqında qanun layihəsi təqdim edilmişdir. Bilirsiniz ki, Azərbaycanda nəqliyyat sektoru son illərdə dinamik inkişaf edir. Nəqliyyat sektorunun bütün sahələrində yeniləşmə prosesi uğurla aparılır. Bu proses Azərbaycanda aparılan iqtisadi islahatların və inkişaf strategiyasının mühüm tərkib hissələrindən biridir. Azərbaycan Respublikasında nəqliyyat siyasətini aparan iqtisadi qurum – Nəqliyyat Nazirliyi yaradıldıqdan sonra strateji bir məkanda yerləşən Azərbaycanın nəqliyyat sektoruna beynəlxalq aləmdə maraq qat-qat artmışdır.
Azərbaycan artıq bu gün qlobal əhəmiyyətli bir sıra transmilli nəqliyyat layihələrində iştirak edir. Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi, Bakı–Tbilisi–Ceyhan boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, çəkilməkdə olan Bakı–Axalkalaki–Qars dəmir yolu və ölkədaxili iri miqyaslı avtomobil magistralları bunu bir daha sübut edir. Bütün bunlar göstərir ki, Azərbaycan yaxın vaxtlarda nəqliyyatın inkişaf səviyyəsinə və onun parametrlərinin dünya standartlarına uyğun gəlməsinə görə yüksək səviyyəyə qalxacaqdır.
Belə bir şəraitdə nəqliyyat sektorunun ən mühüm sahələrindən biri olan avtomobil nəqliyyatının qanunvericilik bazasının möhkəmlənməsi mühüm və vacib əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq Avtomobil nəqliyyatı haqqında qanun layihəsinin müzakirəsi və bir müddətdən sonra onun qəbul edilməsi, heç şübhəsiz ki, Azərbaycanın nəqliyyat siyasətinin daha davamlı, daha dayanaqlı inkişafına xidmət edəcəkdir. Statistik məlumatlara görə, artıq nəqliyyat sektorunda ümumi daxili məhsulun 5 faizi istehsal olunur. Nəqliyyat sektorunda 100 min nəfərə yaxın işçi çalışır. Nəqliyyat sektorunun ahəngdar inkişafı ölkənin iqtisadi inkişafına bilavasitə təsir edir.
Avtomobil nəqliyyatı haqqında qanunun qəbul edilməsi, təbii ki, bu sahədə olan problemlərin xeyli dərəcədə aradan qaldırılmasına imkan verəcəkdir. Son vaxtlar Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən tikinti-quraşdırma işləri, yolların çəkilişi, Azərbaycanda avtomobillərin sürətlə artması, digər amillər bu sahədə tənzimləmə mexanizminin daha da təkmilləşməsini zəruri edir. Elə onu göstərmək kifayətdir ki, Nəqliyyat Nazirliyi tərəfindən lisenziya işinin təkmilləşməsi nəticəsində təkcə 2007-ci ildə dövlət büdcəsinə 12 milyon manat məbləğində vəsait ödənilmişdir. Təbii ki, ölkədə maddi rifahın yüksəlməsi nəqliyyat-yol kompleksinin fəaliyyətinə də öz təsirini göstərməyə bilməzdi. Son zamanlar əhaliyə məxsus avtomobillərin kəskin artması iri şəhərlərdə, xüsusilə də Bakıda avtomobil tıxaclarının yaranmasına səbəb olmaqla hərəkətin təhlükəsizliyi üçün ciddi problemlərin yaranmasına gətirib çıxarır ki, bu sahədə də məsələnin həlli üçün böyük işlər görülür. Eyni zamanda, avtomobil daşınmalarında istismara yararsız, ətraf mühitə mənfi təsir edən və sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradan nəqliyyat vasitələrindən istifadə edilməsi bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı konvensiya və sazişlərin tələblərinin pozulması ilə nəticələnir.
Avtomobil nəqliyyatı sahəsində əsas problemlərdən biri hüquqi tənzimləmənin kifayət qədər yetərli olmamasındadır. Belə ki, hazırda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmalarının hüquqi bazasını hələ 1960–1970-ci illərdə qəbul olunmuş normativ sənədlər təşkil edir. Bu sənədlər isə, şübhəsiz ki, müasir dövrün tələblərinə, bu sahədə artıq formalaşmış və hamılıqla qəbul edilmiş standartlara cavab vermir.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində müvafiq hüquqi tənzimləmə mexanizminin olmaması səbəbindən qeyd edilən daşımalarla pərakəndə şəkildə məşğul olan yüzlərlə hüquqi və fiziki şəxs qanunsuz olaraq fəaliyyət göstərir və bununla da azad sahibkarlıq və sağlam rəqabət prinsipləri pozulur. Məhz bu səbəbdən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində dövlət səviyyəsində bir sıra qanunvericilik tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır.
Avtomobil nəqliyyatı haqqında qanun layihəsi Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarının müəyyən edilməsi, bu sahədə dövlət orqanlarının fəaliyyətinin və avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə xidmət sahələri ilə istehlakçıları arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədi ilə işlənib hazırlanmışdır. Bütövlükdə 9 fəsil, 69 maddədən ibarət olan Avtomobil nəqliyyatı haqqında qanun layihəsi bu sahədə mövcud olan hüquqi problemlərin aradan qaldırılması ilə yanaşı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində sahibkarlığın azad rəqabət prinsipləri əsasında inkişaf etdirilməsi, sərnişinlərin və daşıyıcıların mənafelərinin qorunması, məqsədyönlü tarif siyasətinin həyata keçirilməsi, bu sahədə dövlət idarəetməsinin və tənzimlənməsinin optimal üsullarının tətbiq edilməsi məqsədlərini daşıyır.
Layihədə qabaqcıl dövlətlərin təcrübəsinə əsaslanaraq ölkəmizin avtomobil sistemi üçün yeni standartların tətbiq edilməsi nəzərdə tutulur. Məsələn, dövlət və yerli əhəmiyyətli sərnişin daşımalarının həyata keçirilməsi üçün daşıyıcıların, bir qayda olaraq, müsabiqə əsasında seçilməsi, avtomobil nəqliyyatı infrastrukturuna aid olan bəzi növ obyektlərin xüsusi tələblər əsasında fəaliyyətinin tənzimlənməsi, ictimai nəqliyyatda işləyən sürücülərin peşə hazırlığına dair tələblər və bu kimi digər mütərəqqi müddəaların layihədə təsbit edilməsi avtomobil nəqliyyatı sahəsində beynəlxalq standartların geniş tətbiqinə əlverişli şərait yaradacaqdır.
 Bu məsələlərin daha ətraflı tənzimlənməsi məqsədi ilə qanun layihəsində avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması, avtomobil nəqliyyatı ilə yük daşınması, avtovağzal və avtostansiya haqqında, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili, şəhərlərarası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması üçün müsabiqənin keçirilməsi, iri qabaritli və ağır çəkili yüklərin avtomobil nəqliyyatı ilə daşınması və sair məsələlərə dair bir sıra normalar təsbit edilmişdir. Qanun layihəsinin fərqləndirici xüsusiyyətlərindən biri də onun mətnində avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının lisenziyalaşdırılmasına dair yenilik xarakterli müddəaların olmasıdır. Məsələn, ilk dəfə olaraq qanunvericilik səviyyəsində avtomobil nəqliyyatı vasitələrinin müəyyən növləri üçün xüsusi razılığın, yaxud lisenziya kartlarının sayına məhdudiyyətlərin tətbiq edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Bütövlükdə hesab edirik ki, dövlət tənzimlənməsinin əsas mexanizmi olan lisenziyanın tətbiqi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lazımi qaydada rəsmiləşdirilməsinə, pərakəndə şəkildə sərnişin və yük daşıma fəaliyyətinin qarşısının alınmasına, nəqliyyat vasitələrinin texniki cəhətdən sazlığının mütəmadi olaraq yoxlanılmasına, əhaliyə göstərilən nəqliyyat xidmətinin tələb olunan səviyyədə təşkil edilməsinə və statistik məlumatların toplanmasına müsbət təsir göstərir.
Layihəyə dövlət tərəfindən avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə dövlət sifarişinin formalaşmasına dair müddəalar daxil edilmişdir. Heç şübhəsiz ki, bu normalar respublikada gələcəkdə optimal ictimai nəqliyyat sisteminin bərqərar olmasına xidmət edəcəkdir. Təqdim olunmuş qanun layihəsinin bir sıra müddəaları sərnişinlərin, yük göndərənlərin, yük alanların, yük və sərnişin daşıyıcılarının hüquq və vəzifələrini müəyyən edir, onlar arasında yaranan münasibətləri tənzimləyir. Layihədə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların tənzimlənməsinə də kifayət qədər geniş yer verilmişdir.
Güman etmək olar ki, adı çəkilən qanunun qəbul olunması gələcəkdə əhalinin yüksək səviyyəli avtomobil nəqliyyatı xidmətləri ilə təmin olunmasına, bu xidmətlərin istehlakçılarının hüquqlarının qorunmasına, sərnişin və yük daşımalarının həcminin artmasına və ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın nəqliyyat-yol kompleksinin, xüsusən avtomobil nəqliyyatının rolunun daha da möhkəmlənməsinə zəmin yaradacaqdır. Ona görə mən millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə səs versinlər.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Fasiləyə 3 dəqiqə qalıb. Bəlkə müzakirələri fasilədən sonra davam etdirək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda tənəffüsdən sonra davam edirik. Sağ olun.


(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Müzakirələrə başlamazdan qabaq söyləyim ki, nəqliyyat nazirinin müavini Musa Pənahov və idarə rəisi Aydın Süleymanov da iclasdadırlar. Sualları cavablandıra bilərlər. Astan Şahverdiyevin sualı var.
A. Şahverdiyev. Mənim təklifim var. Mümkünsə, çıxışlar üçün vaxt 5 dəqiqə müəyyən olunsun. Yazılanlar çoxdur. Mən fikirləşirəm ki, çıxışların müəyyən qismi təkrarlanacaq. Ona görə reqlament 5 dəqiqə olsun.
Sədrlik edən. Etiraz yoxdur? Onda reqlamenti 5 dəqiqə eləyərik. Tahir Rzayev buyursun.
T. Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan iqtisadiyyatının sürətli inkişafı, əhalinin avtomobil xidmətinə olan tələbatı, digər tərəfdən respublikamızda avtomobillərin sayının ildən-ilə artması Avtomobil nəqliyyatı haqqında qanunun qəbul edilməsini zərurətə çevirir. Ölkəmizdə yol nəqliyyatının nizamlanması, yeni yolların çəkilməsi, körpülərin salınması, nəqliyyat xidmətinin yaxşılaşdırılması sahəsində son illər xeyli işlər görülüb və bu gün də görülməkdədir. Ancaq etiraf etmək lazımdır ki, avtomobil nəqliyyatı, yük və sərnişin daşınmaları, avtomobillərin idarə edilməsi və xidmətlərin göstərilməsi, yol və nəqliyyat hərəkətinə, xidmət tariflərinə əməl edilməsi, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin gözlənilməsi sahəsində müəyyən çatışmazlıqlar hələ də mövcuddur və bunları aradan qaldırmaq çox vacibdir.
Bizə təqdim olunan qanun layihəsi məhz bu çatışmazlıqların aradan qaldırılmasına yönəldilib. Sənəd respublika ərazisində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində fəaliyyətin tənzimlənməsi üçün vahid forma və qaydaların həyata keçirilməsini nəzərdə tutur. Həm də bu sahədə sahibkarlığın inkişaf etdirilməsinə, rəqabətin gücləndirilməsinə və qorunmasına, sərnişinlərin və daşıyıcıların mənafeyinin təmin olunmasına xidmət üçün çox əhəmiyyətlidir.
Qanun layihəsi əhatəlidir. Ancaq onun təkmilləşdirilməsinə, bəzi maddələrin birləşdirilməsinə, əsasnamə, təlimat xarakterli bəndlərin yenidən işlənməsinə ehtiyac vardır. Qanunun 3-cü maddəsinin 2-ci maddə ilə əvəz edilməsi məqsədəuyğun olardı. Çünki “Əsas anlayışlar”da verilmiş ifadələr layihənin bütün maddələrinə şamil edildiyi üçün keçirilsə, yaxşı olar. Digər tərəfdən, “Əsas anlayışlar” maddəsində verilmiş “avtobus”, “taksi”, “minik avtomobili”, “yük”, “əl yükü” və sair kimi bir çox ifadələr aydın olduğu üçün, elə bilirəm, onların qanunda geniş izahına ehtiyac yoxdur.
Qanunun 9, 19, 44, 48-ci maddələrinin təkmilləşdirilməsi məqsədəuyğundur. Avtomobil nəqliyyatı və yük daşınması müqaviləsi, əmtəə-nəqliyyat qaiməsi, yükün yüklənməsi, çatdırılması, daşınması maddələri təlimat, əsasnamə xarakterli olduğu üçün yenidən işlənib qanun çərçivəsinə salınarsa, layihə daha da formalaşar və yeni məzmun kəsb edə bilər. Qanunda avtomobil nəqliyyatı ilə əlaqədar bütün müddəalar, hətta beynəlxalq avtomobil daşımaları daşıyıcılarının, eləcə də sərnişinlərin hüquqları, vəzifələri aydın şərh edilib.
Bu gün bir çox ərazilərdə, xüsusilə də Bakı şəhərində avtomobillərin hərəkəti üçün ciddi maneə olan avtomobil dayanacaqlarının təşkili, statusu, dayanacaqlardan istifadə qaydaları bu qanunda əks olunarsa, elə bilirəm, faydalı olar. Çünki şəhərdə istər yük, istərsə də minik avtomobilləri, taksilər harada gəldi saxlanılır. Bu da tıxacların yaranmasına, eləcə də əhalinin narazılığına səbəb olur.
Xırda çatışmazlıqlar istisna edilməklə qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir. Onun əhatə dairəsi geniş, məqsədi aydın və qəbulu əhəmiyyətlidir. Buna görə də mən bu qanunun qəbul edilməsinə tərəfdaram və deputat həmkarlarımı da bu layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında müzakirə edilib və birinci oxunuş üçün Milli Məclisin müzakirəsinə təqdim olunub. Qanun layihəsi konseptual cəhətdən normal işlənib. Mən millət vəkillərini həmin qanun layihəsinə səs verməyə çağırıram.
Sərnişin və yük daşımalarının hüquqi və iqtisadi əsaslarını tənzimləyən, nəqliyyat sistemində azad rəqabətin inkişaf etməsi üçün dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət formasından asılı olmayaraq onun hüquqi əsaslarını təmin edən bu qanun layihəsində Azərbaycan əhalisini narahat edən bir sıra məsələlərə toxunulub. Onlardan bir neçəsini göstərmək istərdim. Birincisi, bilirsiniz ki, Azərbaycanda avtovağzallarla əlaqədar ciddi problemlər var. Avtovağzallara pasportların verilməsi və onların əhaliyə standartlara uyğun olaraq xidmət etməsi qanun layihəsində öz əksini tapmışdır.
Sərnişin və yük daşıyan avtomobillərin qeydiyyatının yalnız dövlət tərəfindən aparılması, mən hesab edirəm ki, müsbət haldır. Çünki dövlət sərnişin və yük daşımalarına nəzarəti faktiki olaraq yalnız lisenziya verilməsi yolu ilə həyata keçirir. Taksometrlər olmadan taksilərin işləməsinə icazə verilməməsi də tamamilə düzgündür. Çünki hazırda Azərbaycanda, istər rayonlarda, istərsə də şəhərdə taksilərin əksəriyyətində taksometrlər yoxdur və sürücülər gediş haqqını istədiyi qaydada müəyyən edirlər.
Bununla bərabər, qanun layihəsində bir sıra maddələr var ki, onların üzərində işləmək lazımdır. Misal üçün, 42.3-cü maddədə deyilir ki, əgər baqaj sahibi 30 gün müddətində öz baqajını götürməzsə, həmin baqaj daşıyıcısı tərəfindən satıla bilər. Burada baqajın satılmasından əldə olunan gəlirin yalnız müəyyən hissəsinin həmin sərnişinə verilməsi nəzərdə tutulur. Mənə elə gəlir ki, 30 gün çox az müddətdir. Bu müddəti artırmaq, ən azı 3 ay müddətinə çatdırmaq lazımdır ki, baqajın satılması ilə əlaqədar sərnişinlə mübahisələr yaranmasın.
Azərbaycanda “Nəqliyyat haqqında” Qanun qəbul olunub. Bu qanun yalnız nəqliyyatın konsepsiyasını müəyyən edir. Amma bizim hazırda müzakirə etdiyimiz qanun layihəsi avtomobil nəqliyyatına aiddir. Mənə elə gəlir ki, bu qanun layihəsi ilə bərabər tədricən digər nəqliyyat növlərinə dair də ayrı-ayrılıqda qanun layihələri üzərində düşünmək vaxtı artıq gəlib çatmışdır.
Beynəlxalq yükdaşımalarla əlaqədar olaraq. Bilirsiniz ki, hazırda İran və Türkiyə maşınları istənilən vaxt Azərbaycanın daxilində də yük daşıya və Azərbaycanın daxilindən də yük götürüb xaricə apara bilərlər. Amma müzakirə etdiyimiz qanun layihəsində həmin maşınlara Azərbaycandan yük götürüb daşımağa faktiki olaraq icazə verilmir. Bu tamamilə düzgündür.
Mən belə hesab edirəm ki, bu qanun layihəsinin üzərində hələ ikinci oxunuşda da işləyəcəyik. Bir sıra maddələrə əlavələrimiz var. Komissiyanın iclasında da bu müzakirə olunub. Ümumiyyətlə, qanun layihəsi birinci oxunuş üçün normaldır. Onun qəbul edilməsini təklif edirəm.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Elton Məmmədov buyursun.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar! Mən hesab edirəm ki, ölkə başçısının təşəbbüsü ilə bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi nəqliyyat sektorunun inkişafı haqqında Prezidentin imzaladığı sərəncamdan irəli gəlir. Daim olduğu kimi, bu dəfə də ölkə başçısı verdiyi sərəncama ciddi nəzarət edir və bu sahənin inkişafı üçün geniş addımların atılmasına nail olmaq istəyir. Hesab edirəm ki, bu gün birinci oxunuşda qəbul edəcəyimiz qanun layihəsi avtomobil nəqliyyatının ekoloji sahədə yaratdığı problemləri də əhatə etməlidir. Biz yaddan çıxarmamalıyıq ki, bütün dünyada ekoloji baxımdan ən böyük problem atmosfer havasının intensiv çirklənməsidir. Mən düşünürəm ki, bu qanun qəbul olunandan sonra biz nəqliyyat sahəsində olan bu problemlərin də çözülməsinə nail olacağıq.
Bu gün dünyada qəbul olunmuş avro-1, avro-2, avro-3, avro-4 standartları atmosfer havasına nəqliyyat vasitələrindən atılan zəhərli qazların qarşısının alınmasına xidmət edir. Amma artıq bir sıra ölkələrdə avro-1, avro-2 standartları qəbul edilmir. Məsələn, Rusiya Federasiyasında hətta avro-3-ə uyğun olaraq bu gün əhalinin çox istifadə etdiyi “Qazel” tipli avtobuslar da artıq istismara yararsız hesab edilir. Düşünürəm ki, qanun layihəsini ikinci oxunuşa hazırlayan işçi qrupu bu məqamları da nəzərə alacaqdır.
Hörmətli deputat həmkarlarım, qanun layihəsi konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verir. Bu qanunun tezliklə qəbul olunması əhalinin yüksək səviyyəli nəqliyyat xidmətləri ilə təmin olunmasına, bu xidmətlərin istehlakçılarının hüquqlarının qorunmasına, sərnişin və yük daşımalarının həcminin artırılmasına, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın nəqliyyat-yol kompleksinin, xüsusilə də avtomobil nəqliyyatının rolunun daha da möhkəmlənməsinə zəmin yaradacaq. Bu baxımdan hesab edirəm ki, ətraflı müzakirədən sonra qanun layihəsini birinci oxunuşda qəbul etməyə dəyər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri, hər kəsi qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edirəm. Mən hesab edirəm ki, bu qanun layihəsi bir neçə baxımdan hər şeydən öncə iqtisadi baxımdan çox aktualdır. Belə ki, ölkəmizin coğrafi-strateji mövqeyi avtomobil yük daşımalarını başqa növ nəqliyyat daşımalarından önəmli edir. Statistik rəqəmlər də bunu təsdiqləyir. 2008-ci ilin birinci yarısında nəqliyyat sektorunda 79,7 milyon ton yük daşınmışdırsa, bunun yalnız 17,8 faizi dəmir yolu, 6,2 faizi dəniz yükdaşımalarının payına düşmüş, mütləq əksəriyyəti, yəni 48,2 faizi avtomobil daşımaları vasitəsi ilə həyata keçirilmişdir. Başqa beynəlxalq daşımalarda da bu fikir təsdiqlənir. Belə ki, Avropa–Qafqaz –Asiya dəhlizi ilə yenə də yarım ildə daşınmış 19,3 milyon ton yükün 5,8 milyon tonu avtomobil daşımalarının payına düşür. Hələ nəzərə alsaq ki, burada kəmərlər də fəaliyyət göstərir, avtomobil daşımalarının ölkənin iqtisadiyyatında çox mühüm əhəmiyyəti daha bariz şəkildə üzə çıxır.
Bir məqam da regionların sosial-iqtisadi inkişafı ilə bağlıdır. Xüsusən ölkə daxilində regionlara resursların daşınması, əsasən, avtomobillər vasitəsi ilə həyata keçirilir. Öncə çıxış edən həmkarlarım da qeyd elədi, bu qanun layihəsinin həm də çox böyük sosial-ictimai əhəmiyyəti var. Bu da xüsusən şəhərlərdə sərnişin daşımaları ilə bağlıdır. Biz ümid edirik ki, Avtomobil nəqliyyatı haqqında qanunun qəbul olunması bu sahədə də nizam-intizamın yaradılmasına şərait yaradacaq.
Mən diqqətinizi tamamilə başqa bir məqama cəlb etmək istəyirəm. “Nəqliyyat” sözü ərəb dilində ötürmək, aparmaq, daşımaq mənasını verən “nəqələ” sözündən əmələ gəlmişdir. Qanun layihəsinin adından elə çıxır ki, burada bütün avtomobil nəqliyyatından, o cümlədən fərdi istifadədə olan avtomobillərdən söhbət gedir. Amma qanunun məzmunu ölkədə olan avtomobillərin çox az, haradasa 8-12 faizini, yəni məhz yük daşıyan, sərnişin daşıyan avtomobilləri əhatə edir. Ona görə də, mən hesab edirəm ki, qanunun adı mahiyyətinə uyğun olmalıdır. Məncə, belə ad qoymaq olar: “Avtomobil sərnişin və yük daşımaları haqqında” Qanun.
Qanun layihəsinin ikinci oxunuşunda biz onu maddə-maddə müzakirə edəcəyik. Bir neçə maddəyə mənim də iradlarım var. Amma birinci oxunuşda onların üzərində dayanmaq istəmirəm. Konseptual baxımdan qanun layihəsini dəstəkləyir və deputat həmkarlarımı da birinci oxunuşda ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yevda Abramov.
Y. Abramov. Sağ olun, Oqtay müəllim. Mən də bu qanunu bəyənirəm və məncə, o çox aktual xarakter daşıyır. Bu qanunu bəlkə hələ bir az da gecikdirilmiş qanun adlandırmaq olar. İndiyə qədər qəbul etdiyimiz qanunlara nisbətən mən bu qanunda düzgün tərcümə hiss edirəm, həm də qanun bir az lakonik xarakter daşıyır. Bütün maddələr başa düşüləndir. Düzdür, hörmətli Tahir müəllim dedi, doğrudan da, burada bəzi maddələri birləşdirmək, onların sayını 69-dan 60-a endirmək olar. Onları birləşdirmək qanunun mahiyyətinə heç bir zərər vurmayacaq.
Qanun birinci növbədə ölkədə avtomobil nəqliyyatının işinin dövlət tərəfindən tənzimlənməsi üçün prinsipial dərəcədə əhəmiyyətlidir. Ümumiyyətlə, sovet təsərrüfat sistemi, yəni planlı təsərrüfat sistemi dağılandan sonra respublikanın nəqliyyat sektorunda da bir xaos əmələ gəlmişdi. Bunu yığışdırmaq, doğrudan da, çox çətin idi. Düzdür, Nəqliyyat Nazirliyi Azərbaycanın çox iş görən, yəni üzdə olan dörd-beş nazirliyindən biridir. Möhtərəm cənab Prezident də ölkə iqtisadiyyatının bir sütununu təşkil edən nəqliyyat sektoruna daim nəzarət edir. Bu sektorun inkişafı üçün heç nəyi əsirgəmir. Amma hamımızın yadındadır, 4-5 il bundan qabaq bu sahədə indiki nizam-intizam yox idi. Hərə bir avtovağzal, bir dayanacaq açmışdı. Çox gözəldir ki, son 4-5 ildə bu sahədə ciddi qayda-qanun yaradıldı. Bu gün televizoru quran kimi biz cənab Prezidenti ya Nəqliyyat Nazirliyinin, ya da “Avtoyolservis” təsərrüfatının rəhbərliyi ilə görürük. Bu bizi çox sevindirir. Ölkədə gözəl nəqliyyat sektoru yaranır. Avropa standartlarına uyğun yollar açılır.
Qanun konseptual baxımdan birinci oxunuşa tamamilə uyğundur. Ona görə də mən deputat həmkarlarımı birinci oxunuşda bu qanunun qəbul edilməsinə səs verməyə dəvət edirəm. Mən bu qanunun birinci oxunuşda qəbul edilməsinə səs verəcəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Ölkələrin yeni iqtisadi proseslərə adaptasiyasının və öz iqtisadi institutlarını möhkəmləndirmə siyasətinin əsas tərkib hissəsindən birini nəqliyyat sistemi təşkil edir. Amerika Birləşmiş Ştatlarının sabiq nəqliyyat nazirlərindən biri olan Podni Steyterin sözləri ilə desək, nəqliyyat qloballaşmanın açarıdır. Məhz qloballaşmanın verdiyi təkanla XXI əsrin başlanğıcından etibarən sərnişin və yük daşımanın həcmi dəfələrlə artmış, beynəlxalq və yerli nəqliyyat sistemlərində fundamental dəyişikliklərə tələbat yaranmışdır.
Odur ki, bu gün müzakirəyə çıxarılan bu qanun layihəsi milli və qlobal səviyyədə ortaya çıxan müsbət dəyişikliklərə adekvat cavab kimi dəyərləndirilməli və təqdir olunmalıdır. Bu qanun layihəsi həm də ona görə təqdirəlayiqdir ki, Azərbaycan Respublikasının öz istəyi ilə qoşulduğu Avropa qonşuluq siyasəti üzrə hazırlanmış fəaliyyət planında Azərbaycan Respublikasının nəqliyyat sistemində islahatların aparılması, nəqliyyat infrastrukturunun inkişafı da daxil olmaqla milli nəqliyyat strategiyasının hazırlanması və yerinə yetirilməsi kimi müddəalar var. Bu nöqteyi-nəzərdən baxdıqda müzakirə olunan layihənin Azərbaycanın Avropa məkanına inteqrasiyası prosesinin sürətləndirilməsinə də böyük təkan verəcəyini söyləmək olar.
Bununla belə, bu qanun layihəsi bəzi aktual problemlərin həlli üçün daha konkret və təsirli tədbirlər nəzərdə tutmalıdır. Xüsusən də sərnişin daşıma sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılmasına bu qanunla səy göstərilməlidir.
Birincisi, sərnişin daşıyan ictimai nəqliyyat vasitələrinin növlərinin minimum daşıma həcmi bu qanunda göstərilməlidir. Mən də hesab edirəm ki, bu gün istismar olunan kiçik, dar “Qazel” tipli avtomobillərin marşruta buraxılması qadağan olunmalıdır. Bunun əvəzində daha geniş tutumlu avtobuslar istismar edilməli, eyni zamanda, keçmişdə olduğu kimi, marşrut taksilərinin fəaliyyətinə şərait yaradılmalı və bu qanunda ayrıca daşıma növü kimi 17.4-cü maddədə nəzərdə tutulmalıdır.
İkincisi, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, bilet satışı ilə bağlı xüsusi köşklərin quraşdırılması və avtobuslarda kassa aparatlarının qoyulması da bu qanunda öz əksini tapmalıdır. Mən hesab edirəm ki, sərnişin daşınması ilə məşğul olan avtomobil nəqliyyatına oturacaq sayından çox sərnişin mindirilməsi qanunla qadağan olunmalıdır.
Bu gün Azərbaycanda sərnişin daşınması ilə məşğul olan sürücülərin böyük əksəriyyəti, bilirsiniz ki, ictimaiyyət tərəfindən narazılıqla qarşılanır. Onlar sürücü geyiminə etinasız yanaşır, sərnişinlərlə qaba rəftar edir və yol hərəkəti qaydalarına riayət etmirlər. Ona görə də 41–ci maddədə etik qaydalara və səliqə-sahmana riayət edilməsi daşıyıcının əsas vəzifələrindən biri kimi göstərilməlidir. Eyni zamanda, qanunun sürücülərlə bağlı müddəaları, mən düşünürəm ki, daha da sərtləşdirilməli və 3 illik sürücülük stajı ilə yanaşı, sərnişin daşıma üzrə xüsusi təlim keçməsi barədə sertifikatı olmayan sürücülərlə əmək müqaviləsinin bağlanması yolverilməz hesab olunmalıdır. Yeri gəlmişkən, bilirsiniz ki, hazırda sürücülərin böyük əksəriyyətinin heç bir əmək müqaviləsi yoxdur. Ona görə də əmək müqaviləsi olmayan şəxslərin sərnişin daşıması ilə məşğul olmasının mümkünsüzlüyü də bu qanunda öz əksini tapsa, yaxşı olar.
Növündən asılı olmayaraq bütün sərnişin və yük daşıma vasitələrində siqaret çəkmək yasaq olunmalıdır. Bu qanunda, eyni zamanda, taksilərə sayğacların qoyulması və gediş haqqının qeyri-şərtsiz olaraq məhz sayğac əsasında müəyyən edilməsi də prinsipial şəkildə göstərilməlidir.
Bu qanunda bələdiyyə nəqliyyatından da söz açılır. Amma çox təəssüf ki, Azərbaycanda hələ bələdiyyə nəqliyyatı yoxdur. Bir çox bələdiyyələr bu fəaliyyət növü ilə məşğul olmaq və öz büdcələrini genişləndirmək istəsələr də, hələ ki, buna nail ola bilməyiblər. Odur ki, bu qanun layihəsində bələdiyyə nəqliyyatının stimullaşdırılması da vacib məsələlərdən biridir. Bildiyimiz kimi, bələdiyyə nəqliyyatı bütün ölkələrdə ən ucuz sərnişin daşımaçısıdır və aşağı təminatlı sosial təbəqələrə xidmət göstərir. Odur ki, bələdiyyə nəqliyyatının xüsusi güzəştlərlə fəaliyyət göstərə biləcəyi bu qanunda qeyd edilməlidir.
Sədrlik edən. Çox sağ olun. Arzu Səmədbəyli.
A.Səmədbəyli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsinin ikinci oxunuşunda, yəqin ki, biz ayrı-ayrı fəsillər və maddələr üzrə öz təkliflərimizi deyəcəyik. Amma bütövlükdə Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun qəbul olunmasını biz də məqbul hesab edirik.
Fikrimizcə, bu qanun layihəsi bütövlükdə avtomobil nəqliyyatı ilə deyil, yalnız avtomobil daşıması ilə bağlı məsələləri əhatə edir. Biz bu layihəyə bir sıra əlavələrin olunması təklifi ilə çıxış edirik və çox xahiş edirik ki, ikinci oxunuşda bu, nəzərə alınsın. Belə ki, qanunda avtomobil nəqliyyatı sisteminin alt qurumu olan avtomobil istehsalı, idxalı, avtomobil nəqliyyatının texniki istismarı və sair kimi məsələlərə yer verilməmişdir. Bu baxımdan avtomobil istehsalı və idxalı ilə bağlı normativ-texniki və hüquqi qaydaların qanunda əks olunması məqsədi ilə əlavə bir fəslin işlənib bu qanun layihəsinə daxil edilməsini vacib hesab edirik.
Bu fəslə aşağıdakı müddəaları təklif edirik. İstehsal olunan avtomobil nəqliyyatı vasitələrinə qoyulan texniki-normativ tələblərin dövlət tənzimlənməsi hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir. Avtomobil nəqliyyatının istehsalat-texniki bazası, təminatlı texniki xidmət stansiyaları və sahələri, avtoservis müəssisələri ilə bağlı maddələr, avtomobil nəqliyyatının texniki istismar normaları və qaydaları, avtomobil nəqliyyatına texniki xidmət və onun təmiri üzrə müddəalar, Azərbaycan Respublikasının avtomobil nəqliyyatı vasitələrinə texniki qulluq, təmirin yerinə yetirilməsi prinsipləri, avtomobil nəqliyyatının texniki vəziyyətinin yüksək səviyyədə saxlanması üçün əsas üsullar və metodlar. Bu bir fəsil.
“Avtomobil nəqliyyatında hərəkət təhlükəsizliyinin təmin edilməsi normaları və qaydaları” adlı daha bir fəslin olmasını da vacib sayırıq. Burada hərəkət təhlükəsizliyinin təmin edilməsi baxımından avtomobil nəqliyyatının konstruktiv, texniki və sair tələblərini özündə əks etdirən normalar verilməlidir.
Qeyd edilənləri nəzərə almaqla təklif edirik ki, I fəsildə 2.1.1-ci maddəyə “Azərbaycan Respublikasında istehsal olunan, idxal olunan, avtomobil nəqliyyatının beynəlxalq normalarla müəyyən olunmuş konstruktiv hərəkət və ekoloji təhlükəsizlik tələblərinə cavab verməsi” sözləri 3.0.6-cı maddəyə “texniki qulluq və təmir üzrə, texniki servis üzrə istehsalat-texniki bazaları, avtomobil yanacaqdoldurma stansiyaları, avtomobil dayanacaqları və sair” sözləri və 4-cü maddəyə “şəhərətrafı sərnişin daşımaları” adlı yeni bir bənd əlavə edilsin.
Qanun layihəsi avtomobil nəqliyyatı sisteminin bütün altqurumunu əhatə etməlidir. Bu halda avtomobil nəqliyyatında mükəmməl dövlət tənzimlənməsini təmin etmək mümkündür. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə təqdim edilən Avtomobil nəqliyyatı haqqında qanun layihəsi bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsini, normativ hüquqi aktlarda nəzərdə tutulmuş qayda və tələblərə riayət olunmasına nəzarət edilməsini, avtomobil daşımalarının həyata keçirilməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməsini dövlət idarəetməsinin əsas vəzifəsi kimi özündə ehtiva edir. Bu vacib sahənin inkişafı, onun təkmilləşdirilməsi ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş və Nəqliyyat Nazirliyi tərəfindən yüksək səviyyədə həyata keçirilmişdir. Əhali üçün vacib olan bu sahəni hərtərəfli əhatə edən qanun layihəsinə səs verməyimiz zəruridir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılmış qanun layihəsi, doğrudan da, vacib bir sahənin tənzimlənməsinə yönəldilmişdir. Bu qanun layihəsi nəinki ölkədaxili, həm də beynəlxalq əhəmiyyət daşıyır. Çünki Azərbaycan Qərblə Şərq, Cənubla Şimal arasında tranzit ölkə sayılır.
Azərbaycanın nəqliyyat sistemində avtomobil nəqliyyatının xüsusi çəkisi çox böyükdür – yükdaşımada təxminən 60 faiz, sərnişindaşımada isə 90 faizdən çoxdur. Biz fasilə zamanı hörmətli nazir Ziya Məmmədovun müavini Musa müəllimlə bu rəqəmləri dəqiqləşdirdik. Bakıda və respublikanın digər şəhərlərində avtomobil əsas yerüstü nəqliyyat vasitəsidir. Səbəbini də bilirsiniz. Bakı, Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə nə tramvay, nə də trolleybus qalıb. Üçüncü arqumentim avtomobil nəqliyyatının ekoloji cəhətdən digər nəqliyyat vasitələrinə nisbətən zərərli olmasıdır. Üstəlik, xaricdən ölkəyə istismar müddəti bitmiş, texniki cəhətdən nasaz xeyli avtomobil gətirilir. Bu da Bakı şəhərində və başqa yerlərdə ekoloji durumu pisləşdirir.
Burada söhbət müxtəlif marşrutlarda işləyən avtobuslardan getdi. Bu mikroavtobusların əksəriyyəti Rusiyadan gətirilən “Qazel”lərdir. Onların çoxu yük avtomobilləridir. Bu avtomobillərin müəyyən yerlərində oturacaqlar qoyub ölkə daxilində sərnişindaşıma üçün istifadə edirlər. Mən bir mühəndis kimi fikrimi bildirirəm. Həmin maşınların ağırlıq mərkəzləri çox vaxt düzgün tapılmır. Ona görə də orta səviyyəli bir qəzada o avtobuslardan, demək olar ki, heç kim salamat çıxmır.
Bu və digər arqumentləri nəzərə alaraq, hesab edirəm ki, qanun layihəsi konsepsiya şəklində qəbul oluna bilər. Layihə mükəmməl, səlis Azərbaycan dilində yazılıb. Amma burada bir sıra orfoqrafik səhvlər var. Mən öz təkliflərimi hörmətli akademik, deputat həmkarımız Ziyad müəllimə yazılı şəkildə verəcəyəm. Hesab edirəm ki, qanun layihəsini səsə qoymaq olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, parlament üzvləri, həqiqətən, çox xoş məramlı və vacib bir layihənin müzakirəsi ilə məşğuldurlar. Birinci növbədə diqqətinizi ona cəlb etmək istəyirəm ki, burada qanunun vacibliyini şübhə altına alan fikirlər söylənmədi. Amma yalnız onu əlavə etmək olardı ki, bu layihə təkcə avtomobil nəqliyyatını özündə ehtiva edir. Yaxşı olardı ki, dəniz nəqliyyatını da, dəmiryol nəqliyyatını da, hava nəqliyyatını da toplu halında özündə ehtiva edən vahid bir məcəllə qəbul olunsun və bütün bu məsələlər orada tənzimlənsin.
Əslində, Azərbaycan ötən dövrdə Nəqliyyat Nazirliyi kimi mühüm bir qurumun yaradılmasına həm də ona görə getdi ki, beynəlxalq qurumların Azərbaycan hökumətindən müəyyən istəkləri vardı. Bu, idarəetmə və icra strukturlarının bir-birindən ayrılması ilə bağlı daha geniş məsələləri özündə ehtiva edirdi. Ona görə də dövlət strukturlarının yaradılmasını müvafiq qanunlar, hüquqi çərçivələr müəyyənləşdirməlidir.
Burada bir çox məsələlərə toxunuldu. Mən onların üzərində geniş dayanmaq istəmirəm. Ən vacib məsələ ondan ibarətdir ki, bizim bu il müzakirə etdiyimiz büdcə sənədində də ölkə iqtidarı yola mühüm bir iqtisadi, strateji resurs kimi yanaşmaqdadır. Burada deyildi ki, Azərbaycan tranzit məkanıdır, onun ərazisində transmilli layihələr həyata keçirilir. Yəni yol bir tranzit məkanı kimi də Azərbaycanın iqtisadi gözləntilərini doğrultmalıdır. Büdcə sənədində yollarla bağlı nəzərdə tutulan yeni layihələrin özü də sübut edir ki, hakimiyyət yolun nə qədər böyük önəm daşıdığını yaxşı anlayır və bunu öz siyasətində nəzərə alır.
Amma bu gün nəqliyyatda olan vəziyyətlə bağlı problemlərə toxunuldu. Cənab Sədr, mən hesab edirəm ki, biz 2007-ci ilin əvvəllərində nəqliyyat sistemində yaranmış problemləri tənzimləmək üçün qəbul etdiyimiz qanunlarda bir sıra yanlışlıqlara yol verdik. Məsələn, bu gün özünün çətin günlərini yaşayan, gərgin vəziyyətdə olan İraqda bu məsələnin tənzimlənməsi Amerika modeli ilə həyata keçirilməkdədir. O model isə çox sadədir. Onlar ölkədə maşın parkının təzələnməsi üçün qanunlar qəbul ediblər. Amma biz ötən dövrdə köhnə maşınların nəinki qarşısını aldıq, əksinə, Avropanın maşın qəbiristanlıqlarındakı avtomobillərin, o cümlədən 1998-ci ildə Rusiyanın iqtisadi həyatında özünü çox göstərən və indi Azərbaycan dilində müxtəlif simvollara çevrilən bu “Qazel”lərin daşınıb ölkəyə gətirilməsinə şərait yaratmış olduq. İndi də bunların əlindən xilas olmaq üçün yollar axtarırıq.
Nəqliyyat təkcə iqtisadi hadisə deyil, həm də ictimai, psixoloji hadisədir, dövlətçilik hadisəsidir. 1 saat, 2 saat nəqliyyatda vaxtını itirən adam əsəbi vəziyyətdə iş yerinə daxil olur. O əsəbi durum insanın işinə də, qəbul etdiyi qərarlara da, sağlamlığına da, o cümlədən onun iqtisadi imkanlarına da təsir edir. Ona görə də hesab edirəm ki, bu problemi tənzimləmək üçün əvvəl qəbul etdiyimiz qanunlara da yenidən baxmalıyıq. Yəqin ki, layihəni hazırlayanlar bu təkliflərin üzərində bir daha işləyəcəklər. Mən birinci oxunuşda konseptual olaraq bu sənədin qəbuluna səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Bu gün biz Azərbaycanda hər bir insanı, hakimiyyəti və bu sahəyə cavabdeh olan nazirliyi narahat edən bir məsələyə dair qanun layihəsini müzakirə edirik. Avtomobil nəqliyyatı sahəsində Azərbaycan əhalisini narahat edən problemlərin aradan qaldırılması hər bir kəsin ürəyindən olan məsələdir. Müzakirə etdiyimiz qanun layihəsi də məhz bu problemlərin aradan qaldırılmasına yönəldilmişdir.
Mən bu qanun layihəsi ilə bağlı bir neçə məqamın üzərində dayanmaq istərdim. Bu qanunun 2.1.1-ci maddəsində yazılıb: “Azərbaycan Respublikasının ərazisində əhalinin avtomobil nəqliyyatı xidmətləri ilə təmin edilməsini tənzimləmək”. Tamamilə doğrudur. Var təmin etmək, bir də var tənzimləmək. Təmin etmək o qədər çoxalıb ki, artıq bunun tənziminə ehtiyac duyulur. Qanunun qarşısında duran başlıca vəzifə elə məhz tənzimləməni yerinə yetirməkdir.
Azərbaycanda avtomobil nəqliyyatı sahəsində əsas problemlərin mənbəyi, mənim fikrimcə, aşağıdakılardır: təqaüd yaşlı maşınlar; qəbiristanlığa göndərilməyə layiq olan, amma bu gün sərnişin daşıyan “Qazel”lər; əhalinin ziyan çəkdiyinin fərqinə varmadan bu avtobusları marşrutlara buraxıb onlardan icarə haqqı yığmaqla varlanan adamlar; qədərindən çox olan taksilər.
Bu gün nəqliyyatda ən böyük problem olan tıxacların yaranması nə ilə bağlıdır? Bu məni çox düşündürür. Bakı, ümumiyyətlə, 1 milyon yarım, 2 milyon əhali üçün nəzərdə tutulub. İndi isə, əsasən, köçkünlərin, qaçqınların hesabına Bakıda əhalinin sayı həddən ziyadə artdığı üçün elə bir küçə yoxdur ki, orada maşın saxlamaq mümkün olsun. Bu mənada bu qanun çox vacibdir, bəlkə də gecikib.
Mən hesab edirəm ki, bu gün Milli Məclisin qanunvericilik işləri planında ən vacib qanunlardan biri budur. Çünki ölkədə ən ciddi problemlərdən biri bu qanunla aradan qaldırılacaq. Başqa sözlə desək, bu qanun ümumilikdə xalqın rifahına xidmət edəcəkdir. Ona görə, məncə də, bu qanun layihəsini prinsip etibarilə qəbul etmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, dəvət olunan qonaqlar! Bu gün biz cəmiyyətimiz üçün, insanların həyatı üçün çox vacib və zəruri olan bir qanun layihəsini müzakirə edirik. Şübhəsiz ki, bu gün cəmiyyətin həyatında nəqliyyat amili böyük rol oynayır. Ölkəmizdə avtomobil nəqliyyatı sahəsində indiyə qədər çox işlər görülmüş, ciddi addımlar atılmışdır. Əslində, yolların çəkilməsi, körpülərin salınması da avtomobil nəqliyyatından istifadənin rahatlığı və səmərəliliyinə xidmət etmişdir. Bu gün bizim müzakirə etdiyimiz Avtomobil nəqliyyatı haqqında qanun layihəsi ölkəmizdə bu sahədə görülən işlərin qanunvericilik bazasının təmin edilməsinə xidmət edir.
Hörmətli Sədr, bu qanun layihəsi bizim komissiyamızda geniş müzakirə olunmuşdur. Orada əlaqədar təşkilat, nazirlik və komitələrin nümayəndələri də öz fikirlərini bildirmiş və belə bir nəticə çıxarılmışdı ki, Avtomobil nəqliyyatı haqqında qanunun qəbul edilməsi günün aktual məsələlərindən biridir.
Bu gün burada ayrı-ayrı maddələr üzrə bəzi fikirlər söylənildi. Mən hesab edirəm ki, bunlar birinci oxunuşun predmetinə aid deyil. Biz bunları qanun layihəsinin ikinci oxunuşunda ayrı-ayrı fəsillər, maddələr, bəndlər müzakirə edilərkən söyləyə bilərik. Belə təklif də səsləndi ki, bəlkə bütün nəqliyyat haqqında bir qanun qəbul edilsin. Komissiyada da belə bir fikir səslənmişdi. Əslində, bu fikir tamamilə səhvdir, çünki dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, hava nəqliyyatı və su nəqliyyatı məsələlərinin bir prinsip üzrə bir qanunda, bir məcəllədə birləşdirilməsi mümkün deyildir. Ona görə də biz əgər bu gün Avtomobil nəqliyyatı haqqında qanun layihəsini birinci oxunuşda qəbul edəriksə, düzgün addım atmış olarıq. Çıxışlarda fikirlər təkrarlandığı üçün mən düşünürəm ki, bizim bu gün birinci oxunuşda qanun layihəsini səsə qoyub qəbul etməyimiz məqsədəuyğun olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Konseptual baxımdan mən də hesab edirəm ki, yaxşı bir qanun layihəsi işlənib hazırlanıb və qəbul olunmalıdır. Yəqin ki, layihə ikinci oxunuşda maddə-maddə müzakirə olunanda fikirlərimizi daha geniş deyəcəyik. Lakin təəssüf ki, burada tramvay nəqliyyatı ilə bağlı bir fikir səslənmədi. Məncə, Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunmasına çox böyük ehtiyac var.
Oqtay müəllim elan etdi ki, Musa müəllim burada iştirak edir. Yeri gəlmişkən, bu yaxınlarda Musa müəllimin dilindən eşitdim ki, bizdə Şıxovdan Əhmədli qəsəbəsinə qədər dənizin üzəri ilə təqribən 1 milyard dollar dəyərində bir körpü tikiləcək. İstərdim, buna da bir aydınlıq gətirilsin ki, bu hansı ehtiyacdan yaranır. Mən belə fikirləşirəm ki, Əhmədlidə əhalinin aztəminatlı hissəsi yaşayır. Bu, pullu yol olacaqsa, özünü doğrultmayacaq. Bir də ki, şəhərin mərkəzindən Şıxova gedib o yola çıxmaq elə şəhərin mərkəzindən Əhmədliyə getmək qədər vaxt aparacaq. Onda belə çıxır ki, o yolla ancaq rayon maşınları Şıxovdan Əhmədliyə düz keçib gedəcəklər. Bu körpünün tikintisi kreditlə olsa da, özəl şirkətlər tərəfindən həyata keçirilsə də, yaxşı olmazmı ki, həmin vəsaiti Bakıda tramvay xəttinin bərpasına xərcləyək? Məhəmməd peyğəmbər deyirdi ki, işin ən faydalısı insanlar üçün ən vacib olanıdır. Bu gün bizim xalqımız üçün həm ekologiya baxımından, həm də Bakı şəhərində nəqliyyatın sıxlığının qarşısının alınması baxımından tramvay xəttinin bərpa olunması, məncə, daha vacibdir. Yəqin ki, biz, millət vəkilləri bu məsələni Nəqliyyat Nazirliyi qarşısında da, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında da, hökumət qarşısında da qoymalıyıq.
Mən bu qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Konseptual baxımdan bu qanunu biz qəbul edə bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, bu, konseptual baxımdan çox mükəmməl bir qanundur və onu səsə qoymalıyıq. Ancaq Musa müəllimin bir sözü varsa, buyursun. Cənab Prezidentin nəqliyyat nazirinə həm tramvay yolu ilə, həm də Bakı-Sumqayıt yolu ilə əlaqədar çox böyük tapşırıqları, tövsiyələri var və bu işlər gələcəkdə həyata keçiriləcək. Bir sualınız yoxdursa, səsə qoyaq. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.54 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2  
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Coğrafi obyektlərin adları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsinin üçüncü oxunuşudur. Fəzail İbrahimli, buyurun.
F. İbrahimli, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Çox sağ olun, Oqtay müəllim. Coğrafi obyektlərin adları haqqında qanun layihəsinin ikinci oxunuşunda Rafael Cəbrayılovun 1.0.1-ci, 4-cü, Nizami Xudiyevin 6.6.2-ci, 7.3-cü, İlyas İsmayılovun 3.1.1-ci, 4.0.1-ci, 4.0.2-ci, Mübariz Qurbanlının 6.4-cü maddələrlə bağlı təklifləri diqqətlə öyrənilmiş və iradlar nəzərə alınmışdır. Düzəlişlərlə birlikdə qanun layihəsi bu gün hörmətli millət vəkillərinə təqdim edilmişdir. Kimin sualı olarsa, mən cavab verməyə hazıram. Qanun layihəsi üçüncü oxunuşa hazırdır. Onu səsə qoymaq olar.
Sədrlik edən. Astan Şahverdiyevin sualı var.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Bu gün mən bir az çox danışıram. “Əsas anlayışlar”da, yəni 1.0.1-ci maddədə coğrafi obyektlərin adları sadalanarkən ikinci abzasın ikinci sətrində “qoruqlar və yasaqlar” sözləri də olmalıdır. Bilirsiniz ki, yasaqlar da qoruğun bir növüdür. Keçən dəfə deyildi, bəzi düzəlişlər oldu. Amma “yasaq” sözü nədənsə yenə buraxılıb. İndi komissiya bu məsələyə bir də baxmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən də qanun layihəsinə səs verəcəyəm və onu hazırlayanlara təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib bir məsələ ilə bağlı danışmaq istəyirəm. İnternet məkanında Azərbaycana aid olan coğrafi obyektlərin adları ermənilər tərəfindən mənimsənilib. Yəni son illərdə müxtəlif saytlar fəaliyyət göstərir. Araşdırmalar zamanı məlum olub ki, “Azərbaycan.TV”, “Naxçıvan.TV”, “Şərur.TV”, “Qarabağ.TV” saytlarını qeydiyyatdan keçirənlərin hamısı erməni familiyalı şəxslərdir. İndi təsəvvür edin ki, həmin saytlarda hansısa bir əcnəbi Azərbaycan haqqında məlumat almaq istəsə, həmin saytlara girsə, ancaq Azərbaycanın əleyhinə məlumat əldə edə bilər. Mən bununla mübarizə aparmağın hüquqi yollarını bilmirəm. Onu deyə bilərəm ki, bizim sərhədlərimiz BMT tərəfindən tanınır. Hər kəsə bəllidir ki, həmin yer adları, coğrafi adlar bizə məxsusdur. Biz Milli Məclis olaraq aidiyyəti orqanlardan xahiş edə bilərik ki, bu məsələ ilə məşğul olsunlar, bunun hüquqi yolları tapılsın, beynəlxalq məhkəmələrə müraciət edilsin. Beynəlxalq Müəllif Hüquqları Agentliyi var, bu məsələ ilə bağlı ora müraciət etmək olar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa çıxış etmək istəyən yoxdur? Fəzail müəllim, buyurun, cavab verin. F. İbrahimli. Çox sağ olun. Astan müəllimin qeyd etdiyi “yasaqlar” sözünün əlavə olunması ona görə reallaşmayıb ki, əgər bütün sözlər yazılsa, onda “və sair” ifadəsinə ehtiyac qalmaz. Məsələn, keçən dəfə Rafael Cəbrayılov 5-6 ad saymışdı. Oxşar adların hamısı burada yazıla bilməz. Müəyyən əsas adlar yazılır. Aynur xanımın istəyi tamamilə qlobal xarakterli bir məsələdir. Bu, hər bir azərbaycanlının istəyidir. Bu gün qəbul ediləcək qanunun mahiyyəti də ondan ibarətdir.
Birləşmiş Millətlər Təşkilatında coğrafi obyektlərlə bağlı xüsusi bir şöbə var. Azərbaycan müstəqillik qazandıqdan sonra BMT-nin üzvü olub. Bu qanun qəbul edildikdən sonra ona əsaslanaraq coğrafi obyektlərin adları müəyyən ediləcək və Birləşmiş Millətlər Təşkilatında qəbul ediləndən sonra artıq Azərbaycanın yer adlarını saxtalaşdırmaq bizim bədnam qonşularımız tərəfindən qeyri-mümkün olacaq. Bu qanunun mahiyyəti ondan ibarətdir və biz də hesab edirik ki, bu qanunu qəbul etmək olar.
Sədrlik edən. Çox sağ olun. Biz də hesab edirik ki, mütləq qəbul etmək lazımdır. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.00 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2  
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti üç məsələ Azərbaycan Respublikasının bəzi rayonlarının adlarının dəyişdirilməsi ilə əlaqədardır. Beşinci məsələ Azərbaycan Respublikasının Saatlı rayonunun Seyidoba kəndinin adının dəyişdirilməsi haqqındadır. Əhəd Abıyev, buyurun.
Ə. Abıyev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müstəqil Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi kursun ləyaqətlə həyata keçirilməsi dövlətimizin nüfuzunu yüksək səviyyəyə çatdırmışdır. Onun istər xarici ölkələrdəki görüşləri, istərsə də respublikamızın bölgələrinə və rayonlarına səfərləri böyük ruh yüksəkliyi yaratmış, əhalinin rifahının yaxşılaşmasına, sabitliyin yüksəlməsinə, şəhər və kəndlərimizin abadlaşmasına, sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Son vaxtlar respublikamızın bəzi qəsəbələrinə şəhər, böyük kəndlərinə isə qəsəbə statusunun verilməsi, habelə yaşayış məntəqələrinin tarixi adlarının bərpası kimi məsələlər də hörmətli Prezidentimizin daim diqqət yetirdiyi sahələrdən biridir.
Müzakirəyə təqdim olunan bugünkü qanun layihələri bu məsələyə xidmət edir. Saatlı rayonunun Seyidoba kənd inzibati ərazi dairəsinin tərkibindəki Seyidoba kəndinin Seyidlər kəndi adlandırılması və Seyidoba kənd inzibati ərazi dairəsinin Seyidlər kənd inzibati ərazi dairəsi hesab edilməsi təklif olunur. Rayon icra hakimiyyətinin təqdim etdiyi sənədlərdən məlum olur ki, bu kəndin adı əvvəllər, yəni 1954-cü ildə Əlisoltanlı kəndinin tərkibində olmaqla Seyidlər kəndi olmuş, lakin 1991-ci ildə Seyidoba kimi qeydə alınmışdır. Təqdim olunan sənədlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun tərtib edilmiş, onlara Toponomiya komissiyasında müsbət rəy verilmişdir. Regional məsələlər daimi komissiyasının iclasında qanun layihəsinə baxılmış və Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur. Deputat həmkarlarımdan qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Gülhüseyn müəllim, çıxışınız var idi? Buyurun.
G. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Əhəd müəllimin burada qeyd elədiyi kimi, həqiqətən, həmin kənd vaxtilə Seyidlər kəndi olub. Onun 1100 nəfər əhalisi var, Bakı–Culfa, Saatlı–İmişli–Culfa yolunun üstündədir. Məsələ burasındadır ki, 1989-1990-cı illərdə kəndin adını dəyişib Seyidoba eləyiblər. Ümumiyyətlə, Seyidoba Azərbaycanda çox az işlədilir. Bunu hamımız bilirik. Bu, əsasən, Orta Asiyaya aid olan söhbətdir. 2002-ci ildə mən orada işləyəndə bu məsələ ilə əlaqədar dəfələrlə mənə müraciət eləmişdilər. Onda biz bu kəndi Qaracalar inzibati ərazi sahəsindən ayırdıq və Seyidoba inzibati ərazi sahəsi kimi getdi. Milli Məclis üzvlərinə təşəkkür edirəm ki, o vaxt Saatlı rayonuna bir çox inzibati ərazi sahələri ayırdıq, kəndlərin adlarını dəyişdik. 2001-2002-ci illərdə Milli Məclis bizə çox kömək etmişdir. Bu gün də həmin kəndin sakinləri müraciət eləyiblər. Mən də camaatla dəfələrlə görüşmüşəm. Ora mənim deputat seçildiyim ərazidir. Camaatın xahişi odur ki, kəndin əvvəlki adı bərpa olunsun, Seyidlər kəndi olsun. İnzibati ərazi dairəsi isə Seyidlər inzibati ərazi dairəsi adlandırılsın. Mən deputat həmkarlarımdan xahiş edərdim ki, bu məsələyə müsbət reaksiya versinlər.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.04 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Samux rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədədir. Əhəd Abıyev, buyurun.
Ə. Abıyev. Azərbaycan Respublikasının Samux rayonunun Əliuşağı kənd inzibati ərazi dairəsi tərkibindəki Əliuşağı kəndinin Alıuşağı kəndi adlandırılması, Əliuşağı kənd inzibati ərazi dairəsinin Alıuşağı kənd inzibati ərazi dairəsi hesab edilməsi, həmçinin Seyidlər kənd inzibati ərazi dairəsi tərkibindəki Hadılı kəndinin Qədili kəndi adlandırılması təklif olunur. Bu məsələ barədə Samux rayonunun icra hakimiyyətinin Milli Məclisə təqdim etdiyi sənədlər göstərir ki, 1999-cu ilə qədər Əliuşağı kəndi Alıuşağı kəndi, Hadılı kəndi isə Qədili kəndi adlandırılmışdır. Lakin 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərinə hazırlıqla bağlı 1998-ci ildə aparılan dəqiqləşmələr zamanı sənədlərdə həmin kəndlərin adı Əliuşağı və Hadılı kimi göstərilmişdir. 1999-cu ilə qədər hər iki kəndin sakinlərinin doğum haqqında şəhadətnamələrində və digər sənədlərdə kəndlərin adı Əliuşağı və Qədili qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının təqdim etdiyi arayışda da 1995-1950-ci illərdə bu kəndlərin adlarının Alıuşağı və Qədili olduğu təsdiqlənir. Bu məsələyə də Toponomiya komissiyasında müsbət rəy verilmiş, qanun layihəsi Regional məsələlər daimi komissiyasında müzakirə olunmuş və Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Deputat həmkarlarımdan xahiş edirəm ki, qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.07 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, üçüncü ərazi məsələsi Neftçala rayonunun Saratovka kəndinin adının dəyişdirilməsi haqqındadır. Əhəd Abıyev, buyurun.
Ə. Abıyev. Azərbaycan Respublikasının Neftçala rayonunun Sarıqamış kənd inzibati ərazi dairəsinin tərkibindəki Saratovka kəndinin Sahiloba kəndi adlandırılması təklif olunur. Qeyd etməliyəm ki, ötən əsrin sonlarında çar hökuməti tərəfindən Rusiyadan köçürülmüş rusdilli əhalinin yaşadığı Saratovka kəndi Xəzər dənizinin sahilində yerləşir. Qırx ildən artıqdır ki, həmin kənddə rusdilli əhali yaşamır. Kəndin adı isə əvvəlki kimi qalmaqdadır. Kənddə məskunlaşmış azərbaycanlılar 70 ildən çoxdur ki, milli adət-ənənələrimizi qoruyub saxlamışlar. Bu məsələyə də komissiyamızın iclasında baxılıb və Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Xahiş edirəm, layihənin qəbul edilməsinə səs verəsiniz.
Sədrlik edən. Gülhüseyn müəllim, yenə sualınız var? Mikrofon verin.
G. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən bir məsələni qeyd etmək istəyirəm. Təklif edirəm ki, bizim Regional məsələlər daimi komissiyasının adından rayonların hamısına bir məktub göndərilsin. Ümumiyyətlə, respublikada rus adları olan kəndlər çoxdur. Bunların adları gec-tez dəyişəcək. Ona görə də məktubla müraciət eləyək və birdəfəlik bu məsələni həll edək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, məsələyə münasibətinizi bildirin.


Səsvermənin nəticələri (saat 17.09 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi haqqındadır. Qanun layihəsinin ikinci oxunuşudur. Xahiş edirəm, ikinci oxunuş olduğu üçün bunu əsas kimi qəbul eləyək. Əgər etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.10 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Oqtay müəllim, biz planlaşdırmışdıq ki, bu barədə gələn iclasda məlumat verək. Yəni məlumat verilmişdi ki, bu məsələ gələn iclasda müzakirə olunacaq.
Sədrlik edən. Çox qəliz məcəllədir, ona görə də gələn dəfəyə qaldı. Oldu, qalsın dekabrın 25-nə. Deyəsən, Yeni il qabağı müzakirə ilə aranız yoxdur. İndi Eldar müəllim buradadır. Damazlıq heyvandarlıq haqqında qanun layihəsinin ikinci oxunuşu.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Məlumat vermək istəyirəm ki, Aqrar siyasət daimi komissiyasında Damazlıq heyvandarlıq haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda müzakirəsində hörmətli deputat həmkarlarım Eldar Quliyev, Miri Qənbərov, Gülhüseyn Əhmədov, Novruzəli Aslanov və Məjlum Şükürov bu qanunun qəbul edilməsinin ölkəmizdə damazlıq heyvandarlıq işinin yaxşılaşdırılmasına, heyvan cinslərinin genefondunun qorunub saxlanmasına, habelə heyvandarlığın inkişafına böyük təsir göstərəcəyinə əmin olduqlarını bildirmişlər. Eyni zamanda, İqtisadi siyasət daimi komissiyasının üzvü hörmətli Dünyamin Xəlilov da layihə ilə əlaqədar yazılı surətdə bir sıra iradlarını bildirmiş, təkliflərini söyləmişdir. Dünyamin müəllimin təkliflərinin bir çoxu layihənin müvafiq maddələrində nəzərə alınmışdır. Dəyərli təklif və fikirlər bildirdiklərinə görə həmkarlarıma minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu təkliflərə işçi qrupunda baxılmış, diqqətlə öyrənilmiş, layihə sizin müzakirənizə təqdim edilərkən nəzərə alınmışdır.
Qanun layihəsi birinci oxunuşdan sonra məzmun və struktur baxımından bir qədər də təkmilləşdirilmiş, bir neçə maddə yenidən işlənmişdir. Sizə təqdim olunmuş layihədə qara hərflərlə verilmiş yazılar birinci oxunuşdan sonra edilmiş dəyişikliklərdir. Bunu da biz bilərəkdən belə vermişik ki, dəyişikliklər daha asan nəzərə çarpsın.
Qeyd edim ki, birinci oxunuşdan sonra layihəyə iki yeni maddə və iki müddəa əlavə edilmiş, 19 maddədə 52 dəyişiklik aparılmışdır. Əgər biz Azərbaycanda keyfiyyətli ərzaq bolluğu yaratmaq istəyiriksə, damazlıq heyvandarlığı inkişaf etdirməliyik. Bunun üçün damazlıq heyvandarlıq sistemi yenidən qurulmalı, təsərrüfatların strukturlarına yenidən baxılmalı, yüksək məhsuldar cins mal gətirilməli, habelə damazlıq heyvandarlığın maddi-texniki bazası möhkəmləndirilməlidir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, sizə təqdim olunan qanun layihəsində biz damazlıq işində mövcud olan bir çox problemlərin həlli üçün hüquqi baza yaratmağa çalışmışıq. Əsas məsələlərdən biri hazırda respublikamızda yetişdirilən heyvanların cinsinin tərkibinin müəyyənləşdirilməsidir. Bunun üçün cins heyvanların uçotu aparılmalıdır. Bu məsələ öz həllini qanun layihəsinin 10-cu maddəsində tapmışdır. Həmin maddədə deyilir ki, Azərbaycan Respublikasında yetişdirilən və mənşəyi barədə damazlıq sertifikatı, yəni pasportu, şəhadətnaməsi olan bütün cins heyvanlar regionlarda və ölkədə heyvanların cins tərkibinin müəyyən edilməsi məqsədi ilə on ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanları tərəfindən uçota alınır. Cins heyvanların uçotunun nəticələri ayrı-ayrı təsərrüfatlarda, regionlarda və ölkədə damazlıq işinin qurulmasında və təkmilləşdirilməsində, seleksiya-damazlıq proqramlarının hazırlanmasında istifadə olunur.
Layihənin 8-ci maddəsində damazlıq heyvanların dövlət reyestrinin aparılması və dövlət damazlıq kitabının tərtib olunması qaydaları müəyyənləşdirilmişdir. Vacib məsələlərdən biri damazlıq ehtiyatlarının sertifikatlaşdırılmasıdır. Bildiyiniz kimi, Azərbaycanda son vaxtlar bütün sahələrdə olduğu kimi, heyvandarlıqda da sahibkarlıq fəaliyyəti genişlənir. Şübhəsiz, gələcəkdə xarici dövlətlərdən cins heyvanların alınıb ölkəyə gətirilməsi işinə xüsusi diqqət yetirilir. Bildiyiniz kimi, artıq bu iş atçılıqda həyata keçirilir. Xaricdən gətirilən heyvanların pasportları isə həmin dövlət tərəfindən verilir. Odur ki, xarici dövlətlərdə heyvanlara verilmiş pasportların Azərbaycanda tanınması məsələsi meydana çıxır. Bu məsələ 9-cu maddədə öz əksini tapıb.
Heyvanlara verilən pasportların beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək üçün həmin maddəyə ikinci bənd əlavə etmişik. Cins heyvanların damazlıq sertifikatı, yəni pasportu, şəhadətnaməsi Azərbaycan və ingilis dillərində beynəlxalq standartların tələblərinə uyğun tərtib edilir.
Damazlıq işinin düzgün və səmərəli qurulmasında əsas məqamlardan biri bu işin mütləq seleksiya-damazlıq proqramları əsasında aparılmasıdır. Bu məsələni həll etmək üçün qanun layihəsinin “Damazlıq işinin təşkili” adlanan III fəslinə “Seleksiya-damazlıq proqramları” adlı 12-ci maddəni əlavə etmişik. Bu maddədə Azərbaycan Respublikasında yetişdirilən bütün heyvan cinslərinin məhsuldarlıq keyfiyyətlərinin təkmilləşdirilməsi, yeni heyvan cinslərinin tiplərinin ailə, kross və xətlərinin yaradılmasının müvafiq seleksiya-damazlıq proqramları əsasında həyata keçirilməsi, həmçinin onların hər bir heyvan cinsi üzrə tərtib edilməsi, təsdiqi və ya həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi göstərilir. Bununla yanaşı, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün damazlıq heyvandarlıq subyektləri öz səlahiyyətləri daxilində bu proqramların tərtib edilməsində və həyata keçirilməsində iştirak etməlidirlər. Seleksiya-damazlıq proqramlarında elmin və təcrübənin ən son nailiyyətləri nəzərə alınmaqla yerli və idxal olunan damazlıq ehtiyatlarından səmərəli istifadə olunması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, damazlıq heyvanların saxlanması və yeniləndirilməsi şəraitinin yaxşılaşdırılması, yüksək ixtisaslı kadrların hazırlanması, hər bir proqramın vaxtı və onun həyata keçirilməsində iştirak edən subyektlərin və obyektlərin müəyyən edilməsi, proqramlarda iştirak edən subyektlərin onun həyata keçirilməsi üçün üzərinə düşən vəzifənin yerinə yetirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları göstərilmişdir. 21-ci maddəyə 21.3-cü bənd əlavə edilmişdir ki, burada süni mayalanma və embrionların transplantasiyası üzrə ixtisaslaşmış təsərrüfatların fəaliyyət istiqaməti açıqlanmışdır. “Dövlət damazlıq xidməti” adlanan 6-cı maddənin 6.3.8-ci bəndində damazlıq ehtiyatlarının damazlıq keyfiyyətlərini təsdiq edən sertifikatların tərtibinə, onların hazırlanmasına, saxlanmasına, uçotunun aparılmasına və verilməsinə nəzarət sahəsində dövlət damazlıq xidmətinin vəzifələri daha konkret verilmişdir.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən bu çıxışımda birinci oxunuşdan sonra qanun layihəsində edilən əlavə və dəyişikliklər barəsində sizə məlumat verdim. Hesab edirəm ki, Damazlıq və heyvandarlıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və Milli Məclis tərəfindən qəbul edilə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov, yenə çıxışınız var? Buyurun.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bugünkü iclasın taleyinə belə bir gün yazılıbdır ki, həqiqətən, müzakirə olunan qanun layihələrinin hamısı aktualdır. Həm Sığorta fəaliyyəti haqqında, həm indicə baxdığımız Avtomobil nəqliyyatı haqqında qanun layihələrinin, həm də Rəqabət Məcəlləsi layihəsinin müzakirəsi bunu sübut edir. Mən deyərdim ki, bu gün Azərbaycanın aqrar sahəsində, xüsusən də heyvandarlıqda yaranmış mövcud vəziyyətin aktuallığı Damazlıq haqqında qanun layihəsində ortaya çıxır.
Birinci oxunuşda komissiyamızın sədri konseptual baxımdan qanun layihəsinin vacibliyi haqqında ətraflı danışdı. Amma mən yenə də diqqətinizi bir neçə məqama çəkmək istəyirəm. Bizim ölkəmizdə son dövrlərdə aqrar sahədə, xüsusən də heyvanların baş sayının artımı sahəsində çox böyük irəliləyiş var. Mən bu gün Məclisdə bu fikri səsləndirdim və təkrar olsa da, bir daha qeyd etmək istəyirəm. İndi Azərbaycanda həm iribuynuzlu, həm də xırdabuynuzlu mal-qara sayı sovet dövründə olduğundan qat-qat artıqdır. Ölkədə 8 milyondan artıq xırdabuynuzlu, 2 milyon yarımdan artıq isə iribuynuzlu mal-qara mövcuddur. Lakin bu sahədə məhsuldarlıq, təəssüf ki, arzu olunan dərəcədə deyil.
Bir neçə rəqəmi səsləndirmək istəyirəm. Azərbaycanda süd məhsullarına tələbat daxili bazarda 3 milyon ton civarındadır. Lakin bu gün Azərbaycanda süd istehsalı 1,3 milyon tondur. Səbəbi isə mövcud mal-qaranın məhsuldarlığının aşağı olması ilə bağlıdır. Bir müqayisəli təhlili diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, Kanada kənd təsərrüfatı məhsulları istehsalı sahəsində çox inkişaf etmiş ölkədir. Bu ölkədə 1 milyon 250 min qaramal var. Lakin o, 80 milyon insanı heyvandarlıq məhsulları ilə qidalandırmağı bacarır. Bunun da səbəbi məhsuldarlıqdır.
Burada məsələnin başqa tərəfinə də diqqətinizi cəlb etmək istəyirəm. Bu o demək deyil ki, Kanada fermeri azərbaycanlı həmkarından daha çox əziyyət çəkir, daha çox iş görür. Azərbaycan fermeri dörd inəyə baxmaq üçün Kanada fermerindən daha çox əziyyət çəkir, daha çox maliyyə vəsaiti qoyur. Amma Azərbaycan fermerinin dörd inəkdən aldığı məhsul Kanada fermerinin bir inəkdən aldığı məhsuldan dörd dəfə aşağıdır. Ona görə də məhz heyvandarlığın cins tərkibinin dəyişdirilməsi hər bir Azərbaycan kəndlisinin ailəsinə aid olan bir işdir. Bu baxımdan qanun layihəsi çox mühümdür. Biz Azərbaycanda damazlıq işini günün tələbləri səviyyəsində qura bilsək, həm Azərbaycan kəndlisinin əziyyətini dəfələrlə azaltmış olarıq, həm də Azərbaycan kəndlisinin çəkdiyi əziyyət müqabilində əldə etdiyi maliyyə vəsaitini artıra bilərik. Ona görə də qanun layihəsi çox mühümdür.
Qeyd olundu ki, damazlıq işinin təşkili üçün Azərbaycana məhsuldar cins mal-qara gətirmək lazımdır. Mən hesab edirəm ki, həqiqətən də, südlük mal-qaranın Azərbaycana gətirilməsi çox vacibdir. Son 10-15 il ərzində, təəssüf ki, Azərbaycana yeni cins mal-qara gətirilməmişdir. Amma Azərbaycanın özünün də daxili imkanları var. Məsələn, buğa tədavülündə Azərbaycanın imkanları genişdir. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın öz potensialından da istifadə etmək olar.
Komissiyada qanun layihəsini çox geniş müzakirə etmişik. Mən bir fakta da diqqətinizi cəlb etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda torpaq islahatı nəticəsində 830 min torpaq mülkiyyətçisi var. Lakin Azərbaycanda bitkiçilik sahəsində çalışan insanların sayı da çox deyil.
Sədrlik edən. Deyəsən, komissiyada danışıb doymamısan. Vasif Əliyev, buyurun.
V. Əliyev. Çox sağ olun, Oqtay müəllim. Mənim qısa bir sualım var. Mən də qanun layihəsinə səs verəcəyəm. Bəlkə Eldar müəllim desin, hansı rayonlar üzrə damazlıq heyvandarlığın inkişafı üçün yem torpaq sahəsinin məcburi surətdə ayrılması icra orqanları tərəfindən nəzərdə tutulur? Bunu bilmək istərdim.
Sədrlik edən. Bu, qanunun predmeti deyil, amma Eldar müəllim cavab versin.
E. İbrahimov. Hörmətli Sədr, Siz düzgün və yerində cavab verdiniz. Bu məsələ qanunun predmeti deyil. Qanundan irəli gələn əsasnamədə onların hamısı nəzərdə tutulmalıdır. Bu qanunun başlıca mahiyyəti ondan ibarətdir ki, bu sahə, doğrudan da, geridə qalan sahədir. Bizim bu qanunu qəbul eləməkdə məqsədimiz ondan ibarətdir ki, bu sahə inkişaf etsin. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin tərkibində iki baytarlıq idarəsi, bir fitosanitar nəzarəti idarəsi var. Büdcədən bu sahəyə birbaşa pul ayrılır və onlar çətinlik çəkmir. 2008-ci ildən rayonlarda baytarlıq laboratoriyaları, idarələri tikiləcək. Amma bu idarələr Kənd Təsərrüfatı Nazirliyinindir. Bu sahəyə ayrılan vəsait Kənd Təsərrüfatı Nazirliyinə qoyulan pulun içərisində gedir. Ona görə buraya pul ayrılmır. Biz keçən il məsələ qaldırmışdıq ki, süni mayalanmaya 801 min manat, bu il 1 milyon 600 min manat ayrılsın. Heç 1 milyon 600 min manat da böyük pul deyil. Bu sahədə yaradılacaq idarə gələcəkdə daha da təkmilləşmiş bir idarə olmalıdır. Gələn ilin büdcəsində ayrıca 5-6 milyon manat, yaxud 10 milyon manat vəsait nəzərdə tutulsa, həmin sahə inkişaf eləyə bilər. Bu qanunu biz qəbul eləmək istəyirik ki, həmin sahəni daha da inkişaf elətdirək. Mən fürsətdən istifadə eləyib fikirlərini söyləyən həmkarlarımın hamısına minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Hesab edirəm ki, qanun layihəsinə birinci oxunuşda da böyük iradlar olmadı. İndi ikinci oxunuşdur. Biz ikinci oxunuşda bunu fəsil-fəsil qəbul eləməliyik. Hətta hesab edirəm ki, il ərzində üçüncü oxunuşda da baxmaq lazımdır. Xahiş edirəm, fəsil-fəsil səsə qoyaq. I fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 95
Nəticə: qəbul edildi

Sağ olun.
II fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun.
III fəsil.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun.
IV fəsil.

Səsvermənin nəticələri (saat 17.28 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi
Sağ olun.
V fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 88
Nəticə: qəbul edildi

Çox sağ olun.
VI fəslə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun.
Nəhayət, qanun layihəsini ikinci oxunuşda səsə qoyuruq. Münasibətinizi bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Eldar müəllim, mən təklif edərdim, qanun layihəsini gələn iclasların birində üçüncü oxunuşa da hazır edəsiniz.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Etiraz yoxdursa, üçüncü oxunuşu da keçirək. Xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.31 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun. Qanun bütövlükdə qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikası gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında bir çox dövlətlərlə konvensiyalar, protokollar, sazişlər imzalayıb. Növbəti addım Estoniya Respublikası Hökuməti ilə atılıb. Azərbaycan–Estoniya münasibətləri dinamik inkişaf edir. Mən vaxtınızı almaq istəməzdim. Bu konvensiyanın qəbul edilməsi, şübhəsiz ki, iki ölkə arasında iqtisadi münasibətlərin təkmilləşməsinə xidmət edəcəkdir. Millət vəkillərindən bu məsələyə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Səməd müəllimin çıxışına ehtiyac yoxdur ki? Əgər başqa təklif yoxdursa, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.33 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci məsələ həmin Konvensiyanın Protokolunun təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Cənab Sədr, eyni məsələdir. Protokol cəmi 3 abzasdan ibarətdir. Xahiş edərdim, müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.34 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi. Sağ olun.
Görürəm, çox yorulmusunuz. Bugünkü iclasımız sona çatdı.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi