2008-ci il 14 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  76

Milli  Məclisin  iclas  salonu.
14  mart  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Etibar Pirverdiyev, "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Mirdaməd Sadıqov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə fəaliyyəti haqqında hesabatı.

İclasda qəbul edilmişdir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə fəaliyyəti haqqında hesabatı barədə” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                 O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

14  mart  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 102
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli xanımlar və cənablar, hörmətli deputatlar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf yollarında ölkəmizin əldə etdiyi uğurlar bütün dünyanın diqqətini özünə cəlb edir. Artıq neçə ildir ki, Azərbaycan iqtisadiyyatı misli görünməmiş inkişaf templərini qoruyub saxlayır.
Ötən il ümumi daxili məhsul istehsalı 25 faiz, yəni 4,7 milyard manat artmış, dövlət büdcəsinin gəlirləri 55 faiz, yaxud 2,1 milyard manat çoxalmışdır.
İqtisadiyyatın dinamik inkişafı Azərbaycanın şəhər və kəndlərinin simasını dəyişdirir, insanların həyat tərzini yeniləşdirir. Geniş miqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər ardıcıl surətdə həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır.
Həyata keçirilən struktur islahatları ölkəmizin dünya iqtisadiyyatına inteqrasiya prosesini sürətləndirir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun beynəlxalq aləmdə nüfuzunu artırır.
Nazirlər Kabinetinin hesabatına həsr olunmuş bugünkü iclasda ölkəmizin bu və digər uğurları barəsındə, yəqin ki, geniş söhbət açılacaqdır. Müzakirələrin gedişində biz Azərbaycanda qanunvericilik və icra hakimiyyəti orqanları arasında vəhdətin, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın daha da artmasının bir daha şahidi olacağıq.
Millət vəkilləri arasında nəzəri biliklərə və təcrübəyə malik olan iqtisadçıların, hüquqşünasların, təsərrüfat və idarəetmə sahəsində mütəxəssislərin olması Nazirlər Kabinetinin 2007-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsinin faydalı olacağına əminlik yaradır. Mən sizi bu müzakirələrdə fəal iştiraka dəvət edirəm.
Hesabatın təqdim olunması üçün söz Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadəyə verilir.
A. Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi uzaqgörənliklə müəyyən edilmiş və Azərbaycanın milli maraqlarına, davamlı inkişafına, xalqın rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadi strategiya 4 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü, ardıcıl və praqmatik siyasət nəticəsində uğurla reallaşdırılır.
Dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin hər rübün və ilin ilkin yekunlarına həsr olunmuş iclaslarında hökumətin hesabatı dinlənilir, qarşıda duran ən vacib iqtisadi və sosial problemlər müəyyənləşdirilir, onların həlli ilə bağlı təxirəsalınmaz tədbirlər hazırlanıb həyata keçirilir. Sosial-iqtisadi sahədə əldə olunan kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, qloballaşan dünyada nüfuz dairəsi genişlənmiş, respublikamız iqtisadi inkişaf sürətinə görə dövlətlər arasında liderlər sırasına çıxmışdır. Dövlətçiliyin möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, müdafiə qabiliyyətinin artırılması, regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması istiqamətlərində əhəmiyyətli nailiyyətlər qazanılmışdır.
Son dörd il ərzində ümumi daxili məhsul real olaraq 2,3 dəfə, qeyri-neft sektorunun payına düşən hissəsi 1,5 dəfə, nominal ifadədə adambaşına düşən ümumi daxili məhsul 3,4 dəfə, əhalinin gəlirləri 2,5 dəfə, orta aylıq əmək haqqı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri isə 4,9 dəfə artmışdır. 2007-ci ildə ümumi daxili məhsulun həcmi 25,2 milyard manat olmuş, əvvəlki ilə nisbətən artım 25 faiz təşkil etmişdir. Onun adambaşına düşən hissəsi 23,6 faiz artaraq, təxminən 3500 ABŞ dolları civarında olmuşdur. Qeyri-neft sektorunda yaranan əlavə dəyərin 11,3 faiz artması iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması istiqamətində mühüm göstəricidir. Ölkənin strateji valyuta ehtiyatları Dövlət Neft Fondunun vəsaitləri də daxil olmaqla 7,2 milyard dolları ötmüşdür.
Ölkə üzrə orta aylıq əmək haqqı 42 faiz, əmək pensiyalarının məbləği isə 76 faiz artmışdır. 2007-ci ildə əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün minimum aylıq və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqları, əmək pensiyalarının baza hissəsi, məcburi köçkünlərə ödənilən aylıq müavinətlər Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 50 faizə qədər artırılmışdır. Aztəminatlı ailələr üçün ehtiyat meyarının məbləği 30 manatdan 40 manata çatdırılmışdır. 78 mindən çox ailə ünvanlı sosial yardımla əhatə olunmuş və hər bir ailəyə bir ayda düşən yardım 80 manat təşkil etmişdir.
Sosial müdafiəyə daha həssas olan əlillərin tibbi-sosial və peşə reabilitasiyası istiqamətində aparılan işlər genişləndirilmiş, Naxçıvan, Sumqayıt, Əli Bayramlı, Şəki, Lənkəran şəhərlərində əlillər üçün regional bərpa mərkəzləri tikilib istifadəyə verilmiş, 1300-dən artıq əlil və şəhid ailəsi yeni mənzillə təmin edilmişdir. İl ərzində sığorta pensiyası sahəsində islahatlar davam etdirilmiş, pensiya sistemində fərdi uçotun tətbiqinə başlanılmışdır. Ən ümdə sosial məsələlərdən hesab olunan yoxsulluğun azaldılması istiqamətində nəzərdə tutulmuş sosial yönümlü tədbirlərin ardıcıl həyata keçirilməsi nəticəsində onun səviyyəsi 2003-cü ildəki 45 faizdən 2007-ci ildə 16 faizə enmişdir.
Şübhəsiz ki, yoxsulluğun kəskin aşağı düşməsində Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması sahəsində atdığı qətiyyətli addımlar müstəsna rol oynamışdır. 2003-cü ilin oktyabrında bu ilin əvvəllərinədək olan dövrdə 643 min, o cümlədən 2007-ci ildə 147 min yeni iş yeri açılmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “2015-ci ilədək Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır. Proqramda əsas hədəf kimi 2015-ci ilədək yoxsulluğun səviyyəsinin inkişaf etmiş ölkələrdəki həddə endirilməsi müəyyənləşdirilmişdir.
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması yenə də diqqət mərkəzində olmuşdur. Təkcə axırıncı 4 ildə bununla bağlı problemlərin həlli məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 16 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti isə onların icrası ilə əlaqədar 60 qərar və sərəncam qəbul etmişdir. Ötən müddətdə 7 çadır düşərgəsində məskunlaşmış 41 min məcburi köçkün üçün bütün infrastruktura malik 30 qəsəbə salınmışdır. 2007-ci ildə son 3 çadır düşərgəsi ləğv olunmuş və beləliklə, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq vaxtından bir il əvvəl yerinə yetirilmişdir.
Ötən dörd il ərzində dövlət büdcəsinin gəlirlərinin kəskin artması onun sosial və investisiya yönümlü büdcəyə çevrilməsinə əsas yaratmışdır. Bu dövrdə büdcə gəlirləri 1,2 milyard manatdan 6 milyard manata çatdırılmışdır. Belə nəticə iqtisadi artımla yanaşı aparılan səmərəli fiskal siyasət sayəsində əldə olunmuşdur. Dövlət büdcəsi xərclərinin tərkibində sosial yönümlü xərclər 3 dəfə, o cümlədən əmək haqqı xərcləri 3,4 dəfə, əsaslı vəsait qoyuluşu xərcləri isə 22 dəfə artmışdır.
Hesabat ilində dövlət büdcəsinin gəlirləri əvvəlki illə müqayisədə 55,3 faiz, xərcləri isə 59,9 faiz çox olmuşdur. Büdcə prosesinin şəffaflığının təmin edilməsi, onun normativ hüquqi bazasının təkmilləşdirilməsi davam etdirilmiş, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir.
İqtisadiyyatın əsas maliyyə axınlarını təmin edən bank sistemində də nailiyyətlər əldə olunmuş, iki yeni bank fəaliyyətə başlamış, bölgələrdə 20 bank filialı açılmışdır. Əmanətlərin Sığortalanması Fondu fəaliyyətə başlayaraq, 1 milyon 800 min əməliyyatçının 1 milyard manat əmanətinin qorunmasını təmin etmişdir. İl ərzində fiziki şəxslərin əmanətləri 80 faizə qədər artaraq 1,5 milyard manat təşkil etmiş, milli valyutada saxlanılan əmanətlərin artım tempi xarici valyutada qoyulan əmanətləri təqribən iki dəfəyə yaxın üstələmişdir. Bankların məcmu kapitalının həcmi 485 milyon manatdan 1 milyard manata çatmışdır.
Əhalinin, xüsusilə sosial müdafiəyə ehtiyacı olan təbəqənin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2007-ci ildə əlverişli şərtlərlə verilən ipoteka kreditlərinin sayı əhəmiyyətli dərəcədə artırılmışdır. Təkcə yuxarıda qeyd etdiyim makroiqtisadi və sosial göstəricilər son 4 ildə, o cümlədən də hesabat ilində qazanılan uğurları əyani şəkildə nümayiş etdirir.
Lakin ötən il istehlak qiymətləri indeksinin 16,7 faizə çatması bizi narahat etməyə bilməzdi. İnflyasiyanın bu səviyyəyə yüksəlməsində son illər qloballaşan dünyada gedən iqtisadi proseslərin, xam neftin, ərzaq və digər məhsullara müşahidə olunan qiymət artımı, bunun nəticəsində idxal edilən malların bahalaşması sizə məlumdur. Bununla yanaşı, ölkənin sürətli inkişafına yönəldilən çoxsaylı sosial və infrastruktur layihələrinin icrası ilə əlaqədar dövlət büdcəsinin artan xərcləri, əhalinin alıcılıq qabiliyyətinin artımı və sürətlə çoxalan pul kütləsi də inflyasiyaya səbəb olmuşdur. Yaranmış şəraitdə digər tədbirlərlə yanaşı, əsas vəzifə əhalinin gəlirlərinin artım sürətinin inflyasiyanın səviyyəsini üstələməsini təmin etmək olmuşdur. Nəticədə 2007-ci ildə gəlirlərin artım sürəti istehlak qiymətlərinin indeksini 2,4 dəfə qabaqlamış və bu meyil cari ildə də davam etdiriləcəkdir. İnflyasiyanın cilovlanması və məqbul səviyyədə saxlanılması üçün Azərbaycan Respublikası Prezidentinin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı fərmanının icrasına uyğun olaraq müvafiq işlər həyata keçirilmişdir.
Kapitalın ölkədən çıxarılması rejiminin liberallaşdırılması, Rəqabət Məcəlləsinin layihəsinin beynəlxalq ekspertizadan keçirilərək Milli Məclisə təqdim olunması və sair bu qəbildən olan tədbirlərə aiddir. Son 4 ildə özəl sektorun kiçik və orta sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, sahibkarlara güzəştli kreditlərin verilməsi daim diqqət mərkəzində olmuşdur. Dövlət büdcəsindən 6 mindən çox sahibkarlıq subyektinə 236,6 milyon manat güzəştli kredit ayrılmışdır. Təkcə 2007-ci ildə 830-dan artıq investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 90 milyon manatdan çox imtiyazlı kreditlər verilmişdir.
Bir sahibkarlıq subyektinə düşən kreditin yuxarı həddi 1 milyon manatdan 3 milyon manata qədər artırılmışdır. Təqdirəlayiqdir ki, maliyyələşdirilmiş layihələrin 76 faizdən çoxu regionların payına düşür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə biznes qeydiyyatında prosedur müddətinin azaldılması məqsədi ilə “bir pəncərə” prinsipinin tətbiqinə başlanmışdır. Sahibkarlığın inkişafına dəstək və dövlət əmlakının özəlləşdirilməsinin II Proqramına uyğun olaraq 2 mindən artıq müəssisə özəlləşdirilmişdir.
Bazar iqtisadiyyatı münasibətlərinin dərinləşdirilməsi, regionların davamlı inkişafı, müasir istehsal müəssisələrinin və yeni iş yerlərinin yaradılması məqsədi ilə “Azərbaycan Respublikasında Sahibkarlığın İnkişafı Dövlət Proqramının (2008–2013-cü illər)” layihəsi hazırlanmışdır.
Aparılan institusional islahatlar çərçivəsində keçən il də dövlət idarəetmə sisteminin mükəmməlliyini təmin edən tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində respublika iqtisadiyyatının aparıcı sahəsi olan yanacaq-energetika kompleksinin yüksək sürətlə inkişafı davam etdirilmişdir. Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin tikintisi tamamlanaraq istismara verilmiş, Dövlət Neft Şirkəti ilk dəfə beynəlxalq səviyyədə investisiya layihələrində iştirak etmişdir. Qeyd etmək istərdim ki, Dövlət Neft Şirkəti təbii qazın hasilatının artırılması istiqamətində əhəmiyyətli işlər görmüşdür. Qazın hasilatı, nəqli zamanı itkilərin qarşısının alınması sisteminin təkmilləşdirilməsi və “Şahdəniz” yatağının artan hasilatı hesabına istehlakçılara verilən qazın həcmi 9 milyard kubmetrdən artıq olmuşdur ki, bu da 2006-cı ildəkindən 1,5 dəfə çoxdur. Bununla da ölkənin nəinki təbii qazın idxalından asılılığı aradan qaldırılmış, həm də onun Gürcüstana ixracına başlanmışdır.
Elektroenergetika sahəsində qısa müddət ərzində ümumi gücü 452 meqavat olan 5 modul tipli elektrik stansiyasının və digər yeni güclərin istismara verilməsi nəticəsində enerji sisteminin gücü 5500 meqavatı ötmüşdür. Bu isə daxili tələbatı ödəməklə yanaşı, elektrik enerjisinin ixracı imkanlarını artırmış, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsinə tam şərait yaratmışdır. Energetika sektorunda rentabellik təmin olunmuş, bu sahəyə subsidiya ayrılmasının qarşısı alınmışdır. Təbii qaz və elektrik enerjisi sayğaclarının quraşdırılması, əsasən, başa çatdırılmışdır.
İl ərzində sənayenin qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, konkret işlər görülmüşdür. “Xüsusi iqtisadi zonalar haqqında” Qanun və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2008–2012-ci illər üzrə Dövlət Proqramı”nın layihələri hazırlanmışdır. Maşınqayırma, metal emalı, yüngül və yeyinti sənayesi, tikinti materialları istehsalı sahələrində irəliləyiş və canlanma müşahidə olunmuşdur. Cari ildə hökumət qeyri-neft sektorunun sürətli inkişafına nail olmaq, bu sahəyə xarici investisiyaları cəlb etmək və daxili investorları stimullaşdırmaqdan ötrü Dövlət İnvestisiya Şirkətinin imkanlarından geniş istifadəni nəzərdə tutur.
Yuxarıda qeyd etdiyim kimi, ölkənin enerji təhlükəsizliyi ilə yanaşı, dünyada müşahidə olunan proseslər ərzaq təhlükəsizliyi məsələlərini də ön plana çəkmişdir. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən ilk dəfə olaraq dövlət büdcəsindən 80 milyon manat subsidiya ayrılmışdır. Bu vəsait istifadə edilən yanacaq və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmişdir. Eyni zamanda, buğda istehsalının stimullaşdırılması və maddi marağın artırılması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən səpilən hər hektara görə əlavə 40 manat yardım verilməsi 2006-cı illə müqayisədə bu sahələrin 130 min hektara qədər artmasına səbəb olmuşdur.
Lizinqə verilən kənd təsərrüfatı texnikasının dəyərinin ödənilmə müddəti 5 ildən 10 ilə qədər uzadılmış, sığortalanan bitki növləri 1-dən 8-ə qədər, sığorta haqqının dövlət tərəfindən ödənilən hissəsi isə 25 faizdən 50 faizə qədər artırılmışdır. Hesabat dövründə büdcədən ayrılmış 37,4 milyard manat vəsait hesabına müxtəlif növ kənd təsərrüfatı maşınları, mineral gübrələr, emal müəssisələri üçün texnoloji avadanlıqlar alınıb istifadəyə verilmişdir. Təqdirəlayiqdir ki, göstərilən texnikanın bir hissəsi fəaliyyətə başlamış Gəncə avtomobil zavodunda istehsal olunmuşdur.
Qeyd olunanlarla yanaşı, aqrar sahədə bir sıra beynəlxalq maliyyə qurumları ilə birlikdə ümumi dəyəri 158 milyon dollar həcmində investisiya layihələrinin həyata keçirilməsi davam etdirilmiş, kredit ittifaqları vəsaiti ilə 98 min fermerə 50 milyon manat məbləğində mikrokreditlər ayrılmışdır. Taxıl fondunun yaradılması barədə təkliflər hazırlanaraq, Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmuş, Nazirlər Kabinetinin qərarı ilə idxal olunan buğda 1 il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir.
Meliorasiya və su təsərrüfatı sahəsinin aqrar sektorun inkişafında torpaqların münbitliyinin və məhsuldarlığın yüksəlməsinə xüsusi rolu nəzərə alınaraq, irriqasiya sistemlərinin istismarına və əsaslı təmirinə dövlət və icmal büdcələrindən yönəldilən vəsait müvafiq olaraq 2,1 və 2,7 dəfə artmışdır. Samur–Abşeron kanalının ilk 50 kilometrlik hissəsi və Xanarx kanalının tikintisi başa çatdırılmış, sel və daşqın təhlükəli çaylarda sahilbərkitmə işləri aparılmışdır.
2007-ci ildə nəqliyyat sektorunda da əhəmiyyətli işlər görülmüşdür. Bütün növ nəqliyyat vasitələri ilə yük və sərnişin daşınmasında əvvəlki ilə nisbətən artım təmin edilmişdir. Ötən 4 il ərzində avtomobil yolları şəbəkəsinin, körpülərin və yol ötürücülərinin tikintisi və bərpası işlərinə, nəqliyyatın bütün növlərinin yenidən qurulmasına və modernləşdirilməsinə sərf edilən vəsaitin həcmi 5 dəfə artaraq 1 milyard manatı ötmüşdür. Hökumətin maliyyə dəstəyi ilə sahənin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, 14 lokomotiv, 12 təyyarə və helikopter, 6 tanker, 253 avtobus və 75 metro vaqonu alınmışdır.
Naxçıvan və Gəncə beynəlxalq hava limanlarında yenidənqurma işləri başa çatdırılmış, Zaqatala və Lənkəran hava limanlarının tikintisinə başlanılmışdır. “Böyük İpək yolu”, “Şimal–Cənub” nəqliyyat dəhlizləri üzrə aparılan yenidənqurma işləri intensiv davam etdirilmişdir. Respublika üçün böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Qars dəmir yolunun təməli qoyulmuşdur.
Müasir zamanın ən prioritet fəaliyyət istiqaməti olan rabitə və telekommunikasiya sahəsinin inkişafı nəticəsində 32 faiz artım əldə olunmuşdur. Rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək məqsədi ilə “Elektron Azərbaycan” Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, dövlət orqanlarının əksəriyyətinin elektron ünvanları yaradılmış, milli informasiya təhlükəsizliyi sisteminin qurulması normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətlərində mühüm işlər görülmüşdür.
Keçən il ərzində iqtisadiyyatın və sosial sahənin inkişafına bütün maliyyə mənbələri hesabına 6,8 milyard manat və ya əvvəlki illə müqayisədə 17,8 faiz çox investisiya yönəldilmişdir. Əsas kapitalın tərkibində 3,5 milyard manat (51 faiz) neft sektorunun, 3,3 milyard manat (49 faiz) qeyri-neft sektorunun inkişafında istifadə edilmişdir. Əvvəlki illə müqayisədə qeyri-neft sektorunun inkişafına ayrılan investisiyanın həcmi 28,8 faiz çox olmuşdur. Bütün investisiyaların 60 faizini daxili, 40 faizini xarici sərmayələr təşkil etmişdir. İl ərzində daxili və xarici investisiyalar müvafiq olaraq 50,7 faiz artmış və 10,9 faiz azalmışdır.
Hesabat dövründə təhsil, elm, mədəniyyət və turizm, səhiyyə və idman sahələrinin inkişafı istiqamətlərində də əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Hazırda təkcə təhsil sahəsinin prioritet məsələlərinin həllinə yönəldilmiş 14 inkişaf proqramı icra edilir. Bu proqramlar yeni ümumtəhsil məktəblərinin tikintisini, mövcud məktəblərin əsaslı təmirini, kompüterləşdirilməsini, müasir təhsil avadanlıqları, dərsliklərlə təmin olunmasını və sair məsələləri əhatə edir. Son 4 ildə dövlət büdcəsinin vəsaitləri və digər mənbələr hesabına 254 mindən artıq şagird yerlik 1217 yeni məktəb və əlavə korpuslar inşa edilmiş, 300-ə qədər məktəbin istilik sistemi bərpa olunmuşdur.
Təhsil sahəsində aparılan islahatlar çərçivəsində yeni maliyyələşmə mexanizminə keçid məqsədi ilə bir sıra pilot məktəblərdə eksperiment qaydasında adambaşına maliyyələşmə prinsipinin tətdbiqinə başlanılmışdır. Ölkənin Boloniya prosesinə qoşulmaqla vahid Avropa ali təhsil məkanına inteqrasiyası üçün bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən artıq onlarla tələbə dünyanın aparıcı universitetlərinə göndərilmişdir.
Mədəniyyət sahəsinin inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirməkdən ötrü ayrılan 60 milyon manat hesabına bir çox mədəniyyət və tarix ocaqlarında, o cümlədən Azərbaycan Tarix Muzeyində və Kukla Teatrında yüksək səviyyədə bərpa işləri başa çatdırılmışdır. Bundan əlavə onlarla teatr, muzey, kitabxana və digər mədəni-maarif müəssisələrində təmir və yenidənqurma işləri aparılmışdır. Mədəni irsin qorunması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində Qobustan Dövlət Tarixi - bədii qoruğu YUNESKO-nun ümumdünya İrs Siyahısına daxil edilmişdir.
2007-ci ildə əhaliyə göstərilən tibbi xidmətlərin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. Səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində Şəki, Qax, Ağdaş, İsmayıllı və Abşeron rayonlarında ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi məqsədi ilə Dünya Bankının krediti hesabına 50 milyon dollar dəyərində pilot layihənin icrasına başlanılmışdır. Bu layihə tibb müəssisələrində idarəçiliyin və maliyyələşmənin yeni formalarının tətbiqini nəzərdə tutur. Müasir tələblərə cavab verən tibb mərkəzlərinin yaradılması məqsədi ilə Əli Bayramlı şəhərində yeni diaqnostika mərkəzi, Ağstafa və Naftalanda rayon xəstəxanaları, Bakının qəsəbələrində doğum evi və iki poliklinika istifadəyə verilmiş və ümumilikdə, 50-yə yaxın tibb müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Son illərdə idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Respublikada 13 müasir idman kompleksi artıq istifadəyə verilmiş, tikilməkdə olan 23 kompleksin əksəriyyətində isə işlər bu ilin sonunadək tamamlanacaq. Ötən il Bakıda idmanın müxtəlif növləri üzrə dünya çempionatları və beynəlxalq turnirlər keçirilmişdir.
İqtisadiyyatda qazanılan uğurlar, infrastruktur sahələrinin inkişafı möhtərəm Prezidentimizə Milli Olimpiya Komitəsinin rəhbəri kimi 2016-cı il Yay Olimpiya oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsini tövsiyə etməyə əsas vermişdir.
Məlumdur ki, tarixən Abşeron yarımadasında ekoloji vəziyyət ağır olmuş, bu istiqamətdə öz həllini gözləyən problemlər yığılıb qalmışdır. Bununla bağlı dövlət başçısı vəziyyətin köklü surətdə yaxşılaşdırılması üçün konkret tapşırıqlar vermişdir. Bu tapşırıqların və 2006–2010-cu illər üçün kompleks tədbirlər planının icrasına 2007-ci ildə 33 milyon manat büdcə vəsaiti istifadə edilmişdir. Ayrılmış vəsait ölkəmizdə ekoloji tarazlığın bərpasına, o cümlədən neftlə çirklənmiş ərazilərin rekultivasiya edilməsinə, çirkab suların təmizlənməsi üçün müasir bioloji qurğular kompleksinin istifadəyə verilməsinə və Bakı buxtasının təmizlənməsinə yönəldilmişdir.
Radioaktiv çirklənmənin qarşısının alınması məqsədi ilə “İzotop” xüsusi kombinatında radioaktiv mənbələrin müasir saxlama məntəqəsinin tikintisi başa çatdırılmışdır. 2004–2007-ci illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi iki dəfə genişləndirilmiş, 7 milli park, 3 yeni dövlət qoruğu yaradılmışdır.
Ölkə Prezidentinin böyük əhəmiyyət verdiyi ən vacib məsələdən biri də əhalinin tələbata uyğun həcmdə keyfiyyətli içməli su ilə təchiz edilməsidir. Dövlət başçısının təşəbbüsü ilə paytaxt əhalisini içməli su ilə təmin etmək üçün neftdən əldə olunan gəlirlər hesabına dəyəri 480 milyon manat olan Oğuz–Qəbələ–Bakı su kəmərinin tikintisinə başlanılmışdır və işlər cari ilin sonunadək tamamlanacaqdır. Bütün ölkə miqyasında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün beynəlxalq maliyyə qurumları ilə aparılan uğurlu danışıqlar nəticəsində əlverişli şərtlərlə kredit sazişləri imzalanmış və layihələrin icrası 3 gün müddətində nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri, Dağlıq Qarabağ probleminin həll olunmaması ordu quruculuğu məsələlərini yenə də fəaliyyətimizin ən əsas istiqamətlərindən biri etmişdir. Son 4 il ərzində müdafiə xərclərinin 6 dəfə artması buna əyani sübutdur. Ölkəmizin hərbi potensialının yüksəldilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, silah-sursatla təchizatın yaxşılaşdırılması istiqamətində iri həcmli işlər görülmüşdür. Bu məqsədlə hesabat ilində dövlət büdcəsindən 2006-cı illə müqayisədə 26,7 faiz artıq vəsait ayrılmışdır. Yeni yaradılmış Müdafiə Sənayesi Nazirliyinin müvafiq strukturlarının təşəkkülü üçün ciddi təşkilati və texniki tədbirlər həyata keçirilmişdir. Müəssisələrdə bəzi xüsusi təyinatlı məhsulların istehsalının mənimsənilməsi işlərinə başlanılmış, bir sıra xarici ölkələrlə əməkdaşlıq üzrə sazişlər imzalanmış, ikitərəfli işgüzar münasibətlər qurulmuşdur.
Hörmətli millət vəkilləri, ötən il əldə olunan nailiyyətləri ümumiləşdirərək əminliklə qeyd etmək olar ki, 2007-ci il dövlət quruculuğu iqtisadi və sosial inkişaf sahəsində tariximizin çox uğurlu illərindən biri olmuşdur. Mən də öz çıxışımda hökumətin keçən ildəki fəaliyyətinin bir sıra aspektlərinə toxundum. Nazirlər Kabinetinin gördüyü işlər haqqında daha geniş hesabat isə Milli Məclisə öncədən təqdim edilmişdir.
2007-ci ildə qazanılmış uğurlar bizi heç də arxayınlaşdırmır, əksinə, mövcud olan problemlərin həllinə daha da çevik və qətiyyətli yanaşmağa sövq edir. Bu istiqamətdə qarşımızda duran yaxın və perspektiv vəzifələr Azərbaycan Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2007-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasındakı çıxışında konkret və aydın göstərilmişdir. Dövlət başçısı xalqın rifahının daha da yaxşılaşdırılması məqsədi ilə əsas vəzifə kimi aparılan islahatların dərinləşdirilməsini, inflyasiyanın məqbul səviyyədə saxlanılmasını, qeyri-neft sektoruna diqqətin artırılmasını, regionların və infrastrukturun inkişafının davam etdirilməsini, kommunal xidmətlərin yaxşılaşdırılmasını, sosial sahəyə yönəldilən investisiyaların həcminin artırılmasını, ordu quruculuğu işlərinin gücləndirilməsini və sairi qeyd etmişdir.
2008-ci il dövlətçiliyimiz üçün çox önəmli bir ildir. Bu il Prezident seçkiləri keçiriləcək, xalq növbəti dəfə öz düzgün seçimini edəcəkdir. Nazirlər Kabineti cari ildə də bütün imkanlarını səfərbər edərək, səmərəli fəaliyyət göstərməyə çalışacaq və konkret işlərlə təsdiq edəcək ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf xətti ölkəmiz üçün yeganə düzgün, alternativi olmayan siyasətdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, hörmətli cənab Baş nazir. Hörmətli millət vəkilləri, indi biz hesabatın müzakirəsinə başlayırıq. Xahiş edirəm, müzakirələrdə iştirak eləmək istəyənlər çıxışa yazılsınlar. Pənah bəy, yenə yerindən durub danışırsan.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, Pənah Hüseyn, bu köhnə adətini burax, indi hökumətin hesabatıdır. Fikirləşmə ki, təkcə sən bununla məşğulsan. Səhər-səhər danışılıb, istintaq işi başlanılıb. Bu məsələ nəzarətdədir. Heç narahat olma, hər şey tapılacaq, cinayətkarlar da cəzasını alacaqlar.
Bir də xahiş edirəm, hökumətin hesabatında yerinizdən durub danışmağı buraxın. Bu, üçüncü hesabatdır, onun müzakirəsini bir az səviyyəli aparaq. Yaqub Mahmudov, buyurun.
Y. Mahmudov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hökumətin hesabatı ilə əlaqədar mən bəri başdan bildirmək istəyirəm ki, hörmətli Baş nazirin hesabatı və bu hesabatın Milli Məclisə vaxtında təqdim olunması bizim tanışlığımıza çox geniş imkanlar yaradır. Qabaqcadan bildirmək istəyirəm ki, bizim hökumətimiz keçən il, yəni hesabat ilində bütün sahələrdə məqbul fəaliyyət göstərib. Bu fəaliyyətin əsas istiqaməti ondan ibarətdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qoyduğu xətt, inkişaf strategiyasının yeni mərhələsi bizim hökumətimiz tərəfindən uğurla həyata keçirilib. Bu gün bu, söyləməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə yönəldilmiş strateji inkişaf xətti bütün istiqamətlərdə Azərbaycan hökuməti tərəfindən layiqincə yerinə yetirilir.
Bu baxımdan xüsusi qeyd etmək istəyirəm, büdcəmizin qəbulunda da nəzərdə tutulduğu kimi, hökumətin fəaliyyəti çox aydın göstərir ki, Azərbaycan Respublikasının regionlarındakı inkişaf bu gün xalqımız tərəfindən, bizim seçicilərimiz tərəfindən çox böyük məmnuniyyətlə qarşılanır və bizim seçicilərimiz, Azərbaycan xalqı hökuməti müdafiə edir. Ona görə müdafiə edir ki, uzun illər ərzində, – mən xüsusilə sovet hakimiyyəti illərini nəzərdə tuturam, – Bakı istisna edilməklə, Azərbaycanın digər bölgələrində sürətli inkişaf getmirdi. Bu baxımdan xalqımızın razılığını hörmətli Prezidentimizə yetirmək istərdim ki, o, gecəli-gündüzlü Azərbaycanın rayonlarında yeni obyektlərin istifadəyə verilməsi üçün, regionların inkişafı üçün əlindən gələni edir. Demək olar ki, Azərbaycanın ən ucqar nöqtələrində yolların çəkilməsi, müasir infrastrukturun yaradılması, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlər xalqımız tərəfindən böyük razılıqla qarşılanır.
Mən çadır şəhərciklərin ləğv edilməsini xüsusi qeyd etmək istəyirəm. Dövlətimizin siyasətindən asılı olmayaraq Dağlıq Qarabağ probleminin uzanması, Minsk qrupunun göstərdiyi qeyri-fəallıq, daha doğrusu, bütün bunların hamısı bizə əsas verir ki, biz çadır şəhərciklərini ləğv edək. Bizim qaçqınlarımızın vəziyyəti xalqımızın ümumi səviyyəsinə uyğun olaraq yaxşılaşdırılmalıdır və bu istiqamətdə çadır şəhərciklərinin ləğv edilməsi və müvəqqəti olsa da, bizim qaçqınlarımızın vəziyyətinin düzəldilməsi xalqımız tərəfindən alqışlanır, biz bunu müsbət qarşılayırıq. Bu baxımdan da hökumətin fəaliyyətini bəyənirik.
Mən bir sahəyə xüsusi diqqət yetirmək istəyirəm. Bugünkü çıxışımda əsas məqsədlərdən biri də informasiya müharibəsi məsələsidir. Bu gün Azərbaycanımızı düşündürən məsələlərdən biri budur. Əvvəla, Azərbaycanın bütün uğurlarının təbliğ olunması baxımından informasiya sistemində çox əsaslı dəyişikliklər olmalıdır və biz köhnə metodlardan əl çəkməliyik. Xüsusilə erməni cəlladlarına qarşı, bizim torpaqlarımızı işğal edənlərə qarşı informasiya müharibəsində dönüş yaratmalıyıq. Bu baxımdan mən bir cəhəti xüsusi qeyd etmək istəyirəm. Bizim xalqımız, o cümlədən alimlərimiz, tarixçilərimiz bizim itirilmiş tarixi torpaqlarımızla bağlı, xüsusilə İrəvan xanlığı ilə, İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi ilə bağlı Azərbaycan Prezidentinin prinsipial mövqeyini hamımız dəstəkləyir, Azərbaycan təkcə Dağlıq Qarabağla bağlı yox, indiki Ermənistan Respublikasının ərazisindəki itirilmiş torpaqlarımızla bağlı informasiya müharibəsinə başlamışdır. Həmin torpaqlar bizim torpaqlarımızdır və tarixin müxtəlif dövrlərində Azərbaycan xalqının rəyi soruşulmadan onun əlindən alınmışdır.
Yeri gəlmişkən, mən Milli Məclisin bu sahədəki fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Milli Məclisdə xüsusi komissiya, işçi qrupu yaradılmış, həmin tarixi müqavilələrlə bağlı, Azərbaycan xalqının iştirakı olmadan verilmiş torpaqlarımız ilə əlaqədar xüsusi qərar layihəsi və bəyanat hazırlanmışdır. Bu iş Milli Məclisdə də gedir. Buna görə, cənab Sədr, mən Sizə də təşəkkürümü bildirirəm. Bu istiqamətdə aparılan işlər Prezidentin yeritdiyi xarici siyasətə tamamilə uyğundur və biz Azərbaycan Prezidentinə yaxından köməklik göstərməliyik.
Bununla bağlı mən xüsusi qeyd etmək istəyirəm ki, biz informasiya sistemində tədqiqat işlərini, tarixi araşdırmaları genişləndirməliyik, kompüter sistemində, internetdə olan məlumatlarla kifayətlənməməliyik. İnternetdə olan məlumatların bizim üçün xatalı cəhəti odur ki, həmin ünvanların böyük əksəriyyətini ermənilər satın almışlar və Azərbaycan adları ilə ora saxta məlumatları doldururlar. Belə getsə, gələcəkdə biz həmin məlumatların əsirinə çevrilə bilərik. Ona görə də humanitar və ictimai elmlər sahəsində tədqiqatlar genişləndirilməlidir. Mən hörmətli Baş nazirə, hökumət üzvlərinə müraciət etmək istəyirəm. İnformasiya müharibəsində dönüş yaratmaqda, Prezidentin etdiyi çağırışlara tarix elmləri sahəsində, mən konkret demək istəyirəm, cavab verə bilmirik.
Milli Elmlər Akademiyasının Tarix İnstitutuna köməklik göstərilməlidir. Mən xahiş edirəm, ayrıca maddədə Tarix İnstitutunun maliyyələşdirilməsi məsələsinə baxmaq lazımdır. Mən hörmətli nazirlərimizə, bir sıra strukturların rəhbərlərinə minnətdarlığımı bildirirəm. Biz Qarabağ tarixini yaratdıq. Prezidentimizin tapşırığı ilə həmin əsər 6 dilə tərcümə olunub, amma dünyada lazımınca yayılmayıb. Qarabağ tarixini biz kütləvi tirajla çap edib dünyanın bütün kitabxanalarına göndərməliyik. Təkcə Milli Təhlükəsizlik Nazirliyinin, Vergilər Nazirliyinin və başqa nazirliklərin köməyi ilə kifayətlənməməliyik. Yəni dövlət büdcəsində, hökumətin siyasətində bu məsələ yer almalıdır. Mən buradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığımı bildirməklə yanaşı, tənqidi fikirlərimi də demək istəyirəm. Biz bir il bundan qabaq “Naxçıvanın tarixi abidələri” kitabını ingilis və Azərbaycan dillərində çap etdik. Ali Məclisin sədri kömək etdi və mən ona təşəkkürümü bildirirəm. Amma bu, təkcə Ali Məclisin sədrinin işi deyil, çünki 3 min tirajla Naxçıvanın tarixi ilə bağlı erməni saxtakarlıqlarına cavab vermək mümkün deyil. Həmin kitabı kütləvi tirajla buraxmaq lazımdır. Milli tariximizlə bağlı xəritələr buraxdıq. Amma onlar çox az tirajla buraxılıb. Onları ingilis və başqa dillərə də tərcümə etmək lazımdır.
Məlumat vermək istəyirəm ki, biz ildə cəmi bir nəfəri xaricə ezam edə bilirik. Dünyaya arxiv materiallarımız, sənədlərimiz, ilk mənbələrimiz səpələnib. Bunların hamısının surətini Azərbaycana gətirmək lazımdır. Amma bir nəfəri xaricə ezam etməklə, habelə bir kitab buraxmaq üçün maliyyə vəsaiti ayırmaqla biz informasiya müharibəsində heç nə edə bilmərik.
Mən təşəkkürümü bildirmək istəyirəm ki, Milli Elmlər Akademiyasının binasının təmirinə başlanıb. Bu çox böyük uğurdur. Lakin bununla yanaşı, elmə pul ayrılmalıdır, vəsait ayrılmalıdır.
Mən bölgəmizlə əlaqədar bir məsələyə də xüsusi diqqət yetirmək istəyirəm. Bizim bölgəmiz turizmin inkişafı ilə əlaqədar Azərbaycana gəlir verəcək bölgədir. Mən İsmayıllıdan başlayaraq Balakənə qədər olan zonanı nəzərdə tuturam. Biz bu bölgəni turizmin inkişafına hazırlamalıyıq. Bu baxımdan həmin bölgədə xüsusi işlər görülməlidir. Bizim çoxlu tarixi abidələrimiz var. Bu abidələrlə bağlı yollara baxılmalıdır. Mən Nəqliyyat Nazirliyinə təşəkkürümü bildirirəm ki, bizim bəzi çağırışlarımıza baxıblar. Amma mən Ziya müəllimə müraciət etmək istəyirəm. Şəkidən Balakənə qədər bizim kəndlərimiz var, on minlərlə əhali yaşayır, amma yolları keçən əsrin 20-ci illərində çəkilib. Onların təmir olunmasına ehtiyac var. Camaat Şəki ilə əlaqə saxlaya bilmir. Bakıya gəlmək üçün, magistral yola çıxmaq üçün əziyyət çəkirlər. Mən çox xahiş edirəm, bu bölgəyə diqqət artırılsın. Azərbaycanın həmin bölgəsində xarici qüvvələr çox ciddi işlər aparırlar.
Mən keçən dəfə dövlət büdcəsinin müzakirəsində də çıxış etmişəm, bu gün də təkrar etmək istəyirəm. Biz gözləməməliyik ki, Dağlıq Qarabağda olduğu kimi, burada da problemlər qalxsın, sonra həmin problemləri ləğv etməyə çalışaq. Mən təklif edirəm, keçən dəfə də müraciət etmişəm. Hörmətli Baş nazirə də müraciət edirəm və buradan Prezidentimizə də müraciət edirəm, Şəkidə vaxtilə Bakı Dövlət Universitetinin filialı var idi. İndi həmin filial da ləğv olunub, təkcə Müəllimlər İnstitutu var. Şəkidə dövlət universitetinin yaradılmasına çox böyük ehtiyac var. Orada universitet yaradılmalıdır ki, həmin bölgə ilə əlaqədar məsələlərə cavab verilsin. Orada ziyalı ocağı yaradılmalıdır. Şəki Azərbaycan ziyalılarının mərkəzlərindən biri olub və gələcəkdə də həmin funksiyanı üzərinə götürməlidir.
Balakəndə, Zaqatalada müəyyən işlər görülür. Şimaldan gəlib burada işlər aparırlar. Orada dinlə bağlı bizə ciddi problemlər yaradılır. Ona görə də burada universitet, ziyalı ocağı bərpa olunmalıdır, Akademiyanın fəaliyyəti gücləndirilməlidir. Ümumi işlərlə əlaqədar bölgələrdə iqtisadi inkişafı alqışlayırıq. Amma elm də, təhsil də, institutların açılması məsələsi də nəzərə alınmalıdır. Mən sonda bildirmək istəyirəm ki, Azərbaycan bu gün dünyanın ən inkişaf edən ölkəsidir. Bu inkişaf sürəti bizim hamımızı sevindirir.
Sədrlik edən. Sağ olun, Yaqub müəllim. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Çox təəssüf ki, mən çıxışımı əvvəlcədən planlaşdırılmamış və bir az əvvəl söylədiyim sorğudan başlamalı oluram. Bu, artıq Azərbaycan jurnalistlərinə qarşı son 4 ildə törədilmiş 15-ci zorakılıq aktıdır və onların heç birinin üstü açılmamışdır. Hətta onların arasında qətl hadisəsi vardır, şikəst edilmiş şəxslər vardır, həmişəlik əlil vəziyyətinə salınmış şəxslər vardır. Bunun nəticəsidir ki, ölkədə artıq qeyri-siyasi məsələlərlə əlaqədar həyasızlaşmış, sözün həqiqi mənasında, qudurmuş, harınlamış adamlar hökumətin hesabatı ərəfəsində də, – bəlkə bu da simvolikdir, – jurnalisti ürəyindən bıçaqlamaqdan çəkinmirlər. Mən çox təəssüf edirəm ki, bu sorğuya cavab vermək üçün Daxili İşlər Nazirliyinin və ya Prokurorluğun işçiləri burada yoxdur.
Hörmətli Sədr və hörmətli cənab Baş nazir, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü bəndinə görə deputatların sorğularına cavab vermək üçün Nazirlər Kabinetinin üzvləri müəyyən edilmiş hallarda Milli Məclisin iclaslarında iştirak edir və onların sorğularına cavab verirlər. Əslində, hökumətin hesabatından əvvəl mütəmadi olaraq, nəzərdə tutulmuş qrafik əsasında, Qanunun təsbit etdiyi mexanizm əsasında əgər hökumət üzvləri Milli Məclisin işində iştirak edib deputatların sorğularına cavab versəydilər, – deputatların sorğuları xalqın sorğularıdır, – o halda bir günlük iclasda müxtəlif məsələlər, çox təəssüflə qeyd edirəm, bəlkə də özü pis adam olmayan, amma işlədiyi müddət ərzində ana dilində hələ də normal danışmağı öyrənməmiş cənab Baş nazirin üzərinə düşməzdi.
Mən konkret olaraq hesabatın üzərinə qayıdıram və hesab edirəm ki, ölkədə nəinki sırf klassik cinayət mənasında kriminallaşma hadisələri artmışdır, eyni zamanda, bütün digər sahələrdə də açıq-aydın qanun pozuntularının, iqtisadi cinayətkarlığın, korrupsiyanın artmasının şahidi oluruq. Mən, əsasən, bu məsələlərin üzərində dayanacağam. Bu gün hökumətə etimad məsələsini həll edirik və mən hesab edirəm ki, hökumətə etimad göstərilməsi üçün hər hansı ciddi əsas yoxdur. Hesabat dövründə Qarabağ torpaqları, işğal olunmuş ərazilərimizin bir metri azad olunmuşdurmu? Yoxsulluğun azaldılması istiqamətində, cəmiyyətin, vətəndaşlarımızın əsas sosial məsələsi olan yoxsulluq məsələsində irəliyə doğru hansı addımlar atılmışdır? Mən tam qətiyyətlə bildirirəm və bunu hökumətin istənilən eksperti ilə, vəzifəli şəxsi ilə diskussiyada sübut etməyə hazıram ki, 2006-cı ilə nisbətən 2007-ci ildə, xüsusən də, dövlət büdcəsindən maaş alan, pensiya alan şəxslərin həyat səviyyəsi nəinki yaxşılaşmışdır, hətta pisləşmişdir. Baxmayaraq ki, əhalinin 42 faizinin gəlirlərinin orta hesabla artırılması barədə hesabatda rəqəm vardır.
Burada bu rəqəmləri deyəndə keçmiş həmkarımız Hüseyn Abdullayev yada düşür. Sözün doğrusu, bu, hətta rəqəm nağılı da deyildir. Sadəcə olaraq, rəqəmlərlə Milli Məclisi və Azərbaycan cəmiyyətini ələ salmaqdır. Lakin Azərbaycanda ən yüksək maaş alan Milli Məclisin üzvləri də, hökumətin məmurları da, polis orqanlarının hüquq mühafizə orqanlarının əməkdaşları da, məhkəmə işçiləri də, ordunun zabitləri də, generalları da bilirlər ki, 2007-ci ildə həyat şəraiti aşağı düşmüşdür. Niyə? Çünki hökumətin 16,7 faiz, Beynəlxalq Valyuta Fondunun 19 faiz, Dünya Bankının təxminən 21 faiz elan etdiyi inflyasiyadan fərqli olaraq, əhalinin maaşla yaşayan, əmək haqqı ilə dolanan 80 faizinin istifadə etdiyi xidmətlər və aldığı mallar üzrə 30–50 faiz arasında inflyasiya baş vermişdir. Təbii ki, hətta büdcə təşkilatlarının əksəriyyətində rəsmən elan olunmuş 25 faiz əmək haqqı artımı, pensiya, təqaüd artımı da bunu ödəyə bilməzdi. Buna görə də təxminən 1 milyona yaxın muzdlu işçinin, əmək haqqı alan işçinin, təxminən 2 milyona qədər təqaüdçünün həyat səviyyəsi 2007-ci ildə ən azı 10 faiz aşağı düşmüşdür.
Həyata keçirilən qeyri-elmi və düzgün olmayan sosial inkişafın nəticəsidir ki, bu meyil 2008-ci ildə də davam etdiriləcəkdir. Mən bunu xüsusi bir sevinclə və ya müxalifətin üzvü olaraq şadlıqla yox, çox böyük ürək ağrısı ilə qeyd edirəm ki, buradakı deputatlar da, digər kateqoriyaya mənsub olan şəxslər də 2008-ci ildə həyat səviyyəsinin daha sürətlə aşağı düşməsinin şahidi olurlar. Ona görə ki, 16 faiz inflyasiya həddi göstərilir. Bizim hörmətli iqtisadi inkişaf naziri Heydər Babayevin noyabr ayındakı çıxışını xatırlayıram. O bildirmişdir ki, guya bu, normal inflyasiya həddidir. Ola bilər ki, bu, cənab Babayev üçün normal inflyasiya həddidir, amma cəmi 45 manat ehtiyac meyarı deyilən qondarma göstərici əsasında ünvanlı sosial yardım alan 300 min Azərbaycan vətəndaşı üçün və minimum pensiya həddində pensiya alan 1 milyona yaxın təqaüdçü üçün çox dəhşətli, normal olmayan haldır.
Biz regionların inkişaf məsələsinə toxunuruq və hörmətli cənab Baş nazirin hesabatında bu məsələ əsas uğurlardan biri kimi səsləndi. Mən bu məsələnin üzərində çox dayanmaq istəmirəm. Seçildiyim Sabirabad rayonunun timsalında bir neçə dəqiqənin içərisində bu məsələnin nədən ibarət olduğunu hörmətli Milli Məclisin və hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. 2005-ci il oktyabrın 14-də verilmiş 1044 saylı Prezident sərəncamına görə, Sabirabad şəhərində Pambıq zavodunun bazasında Toxuculuq fabriki yaradılmalı idi və 2007-ci ildə bu iş başa çatdırılmalı idi. Bu barədə rayon icra hakimiyyəti Nazirlər Kabinetinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişdir. İkincisi, Sabirabad şəhərində Təcili Yardım Stansiyasının inzibati binası tikilməli idi. Amma Səhiyyə Nazirliyinin məktubu əsasında mərkəzi xəstəxanada ayrıca bir qapı açılmış və orada iki otaqda guya həmin təcili yardım stansiyasına yer verilmişdir.
Yeri gəlmişkən, vərəm xəstəliyinə görə dünyada birinci yerə çıxmış Azərbaycanda ən ağrılı vəziyyətlərdən biri Sabirabad rayonu olaraq qalır. Vərəm xəstəxanası, dəri-zöhrəvi xəstəxana, göz xəstəxanası özü xəstəlik mənbəyidir və özünün çox ciddi müalicəyə ehtiyacı vardır. Mən bunu ürək ağrısı ilə təkrar edirəm ki, sovet dövrünün ən səfalətli, ən çətin dövrlərində Sabirabadda səhiyyənin vəziyyəti aşağı düşmüşdür və dəhşətli şəkildə aşağı düşməkdə davam edir. Hörmətli Səhiyyə Nazirliyi isə bu istiqamətdə hər hansı bir iş görməkdən inadla boyun qaçırır və mənim sorğularıma əsaslı cavab verməkdən belə imtina edirlər.
Sabirabad–Padar yolu əsaslı təmir edilməli və 2006-cı ildə başa çatmalı idi. Nəqliyyat Nazirliyi həmin yol üçün ayrılmış 100 min manat vəsaitin az olduğunu əsas gətirərək maliyyə vəsaitini digər obyektlərin tikintisinə yönəltmişdir. Bu, rəsmi cavabdır. Araz çayı üzərində yarımçıq qalmış körpünün tikintisi başa çatdırılmalı idi. Amma həmin körpünün yarımçıq qalmış hissələri də artıq daşınıb kənara aparılmış və heç bir iş görülməmişdir. Guya layihə hazırlanıb ekspertizaya təqdim edilmişdir.
Sabirabad şəhərinin qazla təminatı yaxşılaşdırılmalı idi. Bunun üçün 12 kəndi və 25 min əhalini təmin edən qaz kəməri çəkilməli idi. Cavabda yazılmışdır ki, yalnız mənim anadan olduğum Qaraqaşlıya qədər baxış keçirilmişdir. Hörmətli hökumət və Milli Məclis üzvləri, bu da sizə regionların inkişafı.
Yoxsulluq məsələsinin də üzərinə qayıtdım, amma burada ən ciddi məsələ yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Bunlar qeyri-ciddi rəqəmlərdir və hörmətli dövlət başçısına təqdim edilir. Mən məsləhət görərdim ki, hökumət üzvləri və məsul şəxslər bu məsələni bir daha bu şəkildə səsləndirməsinlər. Guya 630 min iş yerinin 6 mini təxminən Sabirabad rayonunda yaradılıb. Belə çıxır ki, rayonda fəal əmək qabiliyyəti olan əhalinin hər 8 nəfərindən biri yeni iş yerində çalışır. Mən sizə yüzdə-yüz deyirəm, nəinki 8 nəfərdən biri, heç 100 nəfərdən biri də yeni iş yerində işləmir. Bunu sübut etmək üçün hansısa elmi tədqiqat institutunda iş aparmağa ehtiyac yoxdur. Azərbaycanda maksimum 80 min iş yeri yaradılmışdır. Bu özü də müəyyən uğurdur, mən bunu inkar etmirəm. Amma şişirdilmiş saxta rəqəmlərlə bu məsələni ört-basdır etməyə ehtiyac yoxdur.
Nəhayət, mənim çıxışımın sonu yaxınlaşdığına görə bir məsələnin də üzərində dayanmaq istəyirəm. Bizim apardığımız tədqiqatlar göstərir ki, Azərbaycanda təcili və səmərəli şəkildə hökumətin işini yaxşılaşdırmağın bir yolu vardır. Bu, hökumətin istefaya getməsidir. Bu hökumətdə təmsil olunduğu müddətdə öz vəzifəsindən istifadə edərək milyoner, milyarder olmuş şəxslərə qabiliyyəti, istedadı olan sahələrdə, yəni bizneslə məşğul olmaq üçün şərait yaratmaq lazımdır. Müxalifətdən, elə Yeni Azərbaycan Partiyasından olan mütəxəssisləri, ekspertləri dəvət edib Nazirlər Kabinetini yenidən formalaşdırmağa ehtiyac vardır. Təşəkkür edirəm.
Sədrlik edən. Üçüncü çağırış Milli Məclisdə hökumətin üçüncü hesabatıdır. Mən elə hesab edirdim ki, çıxış edənlər analitik bir təhlil ortaya qoyacaqlar. Amma görürəm, bizim hörmətli müxalifət nümayəndələri imiclərini dəyişməyiblər, elə yalnız “istefa” deyirlər. Görülən işlərin bir dənəsinə də müsbət qiymət yoxdur, yalnız mənfi... Həmişə qara eynəklə gəzirlər. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, hörmətli media mənsubları, xanımlar və cənablar! Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabat bir neçə cəhətdən əhəmiyyət kəsb edir. Bunlardan birincisi icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında işgüzar münasibətlərin inkişaf etdirilməsi, ikincisi isə müzakirələr zamanı deputatlar tərəfindən qaldırılan məsələlərin Nazirlər Kabinetinin hesabatında əks olunmasıdır. Bu isə Nazirlər Kabinetinin fəaliyyətinin yaxşılaşmasının göstəricisidir.
Əvvəlki illə müqayisədə builki hesabat xeyli dərəcədə genişlənib və bir sıra müsbət məqamlar əlavə olunub. 2007-ci ildə Azərbaycan iqtisadiyyatında gedən sürətli inkişafın ayrı-ayrı istiqamətləri bu hesabatda öz əksini tapıb. Bunu konkret rəqəmlərlə müqayisəli şəkildə qeyd etmək istərdim. Belə ki, 2007-ci ildə Azərbaycanda iqtisadi artım MDB-nin 9 faizlik orta artımını 2,8 dəfə üstələyib. Mən burada ikinci məqamı da xüsusi qeyd etmək istəyirəm. Neftdənkənar sahənin 12 faiz artması yenə də MDB-nin 9 faizlik artımını 1,5 dəfə üstələyib. Belə bir analitik nəticəyə gəlmək olur ki, 2007-ci ildə Azərbaycanın sürətli inkişafında həmişə olduğu kimi, neft bumu ilə yanaşı, tikinti bumu, investisiyaların sürətli artımının davam etməsi, regionlara diqqətin artması müqabilində bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi və tikinti-abadlıq işlərinin sürətlənməsi də mühüm rol oynayır. Bunu müsbət qiymətləndirmək lazımdır. Böyük layihələrin həyata keçirilməsi də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi nöqteyi-nəzərindən çox vacibdir.
Azərbaycan iqtisadiyyatındakı yüksək sürətli artım riskləri də çoxaldıb. Yəni yüksək, qeyri-adi inkişafdan doğan disbalans və maddi-iqtisadi sabitliyin pozulması təhlükəsi artıb. Digər tərəfdən isə dünya iqtisadiyyatındakı maliyyə böhranı, o cümlədən ərzaq təhlükəsizliyi sahəsində yaranmış proseslər də Azərbaycanda risklərin artmasında mühüm rol oynayıb. Məhz bu hesabatda müsbət məqamlarla yanaşı, həm ölkə daxilində gedən proseslərdən, həm də beynəlxalq kontekstdə risklərin artmasından doğan məqamlar öz əksini tapmalı idi.
İkinci, bu hesabatda iqtisadiyyatın, demək olar ki, bütün tərəflərini əks etdirən kifayət qədər rəqəmlər verilib. Konstitusiyamızın 114-cü maddəsinin II bəndində yazılıb ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Həmin prinsipdən götürəndə bu hesabatda Nazirlər Kabineti görünmür. Buna Konstitusiyanın konkret maddələri nöqteyi-nəzərindən də yanaşanda bunun xeyli səbəbləri ola bilər. Amma əsas səbəblərdən biri budur ki, Nazirlər Kabineti məhz konstitusion vəzifə kimi koordinasiya funksiyalarını lazımi dərəcədə yerinə yetirmədiyinə görə onun bu hesabatda fəaliyyəti görünmür. Azərbaycanda yüksək artımla yanaşı, inflyasiya da artıb və Azərbaycan MDB məkanında birinci yerə çıxıb.
İnflyasiyanın səviyyəsinə görə Tacikistandan sonra Azərbaycan gəlir ki, bu da hökuməti ciddi narahat etməlidir. Amma 287 səhifəlik hesabatda inflyasiyaya yalnız yarım səhifə ayrılıb. Həmin yarım səhifədə də inflyasiyanın səbəbləri yarımçıq göstərilib. Orada yalnız monetar amillər göstərilib. Amma monetar amillər Azərbaycanda olan inflyasiyanı doğuran səbəblərin yarısıdır. Burada çirkli pullar, qeyri-sağlam rəqabət, vəziyyətdən sui-istifadə edərək qiymətlərin artırılması, antiinhisar tədbirlərinin lazımi səviyyədə yerinə yetirilməməsi kimi səbəblər göstərilməyib. Yəqin ki, hökumət öz fəaliyyətində bunları nəzərə alacaq, 2008-ci ildə inflyasiyanın səviyyəsinin aşağı salınması istiqamətində beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərəcək və onun proqnozda nəzərdə tutulan səviyyədə saxlanılmasına nail olacaqdır.
Hesabatda bir sıra proqramlar öz əksini tapıb. Yaxşı olardı ki, həmin proqramların nə səviyyədə yerinə yetirilməsi də hesabatda öz əksini tapaydı. Həm korrupsiyaya qarşı mübarizə proqramı, həm də antiinhisar tədbirlərinə dair hökumətin qarşısında duran vəzifələr tam şəkildə yerinə yetirilməyib. Hökumət bu məsələyə də diqqəti artırmalıdır.
Dünya maliyyə böhranı Azərbaycana birbaşa olmasa da, dolayı yolla təsir göstərir. Bu təsir həm inflyasiyada, həm də son illərdə manatın effektiv kursunun artmasında özünü göstərməyə başlayıb. Təbii ki, bunların neqativ tendensiyalarını minimuma endirməkdən ötrü hökumətin əlaqədar təşkilatlarının birgə fəaliyyətinə böyük ehtiyac var. Bu işdə də Nazirlər Kabinetinin koordinasiyaedici rolu artmalıdır.
Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də dünya bazarında neftin qiymətinin qalxması, dolların ucuzlaşması, maliyyə böhranının getdikcə dərinləşməsidir. Azərbaycan bu problemi həll etmək üçün xaricdə yerləşdirdiyi pulları daha aşağı riskdə saxlamalı və bacarıqla manevr etməklə həmin proseslərdən əlavə gəlir götürməlidir. Bu gün Azərbaycan yerləşdirdiyi vəsaitdən ən yaxşı halda 4 faizə yaxın gəlir götürür. Əgər başqa ölkələri götürsək, həm dollar, həm avro, həm də funt-sterlinq nöqteyi-nəzərindən bir sıra gəlirlər 2 faiz səviyyəsindədir. Amma bir sıra mütəxəssislərin qeyd etdiyi kimi, bu istiqamətdə işləri düzgün qursaq, həmin gəlirləri 7–8 faiz artırmaq olar.
Ərzaq təhlükəsizliyi baxımından Azərbaycanda da problemlər yaranmağa başlayıb. Hökumət bu istiqamətdə çox yaxşı bir addım atıb. O da kənd təsərrüfatına subsidiyaların verilməsi və buğda istehsalının artırılmasıdır. Amma konkret rəqəmlərdən çıxış edəndə görürük ki, burada problem var. Əgər kənd təsərrüfatına 80 milyon manat əlavə vəsait verilibsə, hər hektar buğda əkin sahəsi üçün 40 manat ayrılıbsa və bunun hesabına əlavə 127 min hektar buğda əkilibsə, 340 min ton əlavə buğda götürülməli idi. Amma baxıb görürük ki, inişil Azərbaycana 1 milyon ton civarında buğda gəldiyi halda ötən il 1,4 milyon ton gəlib. Yəni ölkəyə 400 min ton əlavə buğda gəlir. Nəticədə belə bir sual ortaya çıxır ki, həmin subsidiyadan lazımi səviyyədə istifadə olunurmu və həmin əkin sahələri, doğrudan da, buğda sahələridirmi? Yerlərdən siqnallar daxil olur ki, bəzən yonca sahələri buğda sahələri kimi qeyd olunur. Beləliklə də, bu sahədə müəyyən problemlər yaranır. Sui-istifadə hallarının qarşısı alınmasa, Azərbaycanda bu sahədə ciddi problemlər yaranar.
Qeyd etmək istədiyim növbəti məsələ batmış əmanətlərlə bağlıdır. Bu istiqamətdə artıq ölü nöqtədən tərpənilib, komissiya yaradılıb, işçi qrupu fəaliyyət göstərir. Arzu edərdim ki, işçi qrupunun fəaliyyəti 1998–2002 və 2003–2005-ci illərdəki proqramın aqibəti kimi olmasın. İndi yaxşı bir proqram hazırlanıb. Həmin proqramın həyata keçirilməsi tezliklə batmış əmanətlərin qaytarılmasına kömək edə bilər. Deyəcəyim növbəti məsələ Şəki ilə bağlıdır. Orada su probleminin həlli istiqamətində İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi 2004–2007-ci...
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media nümayəndələri! Mən hesabata münasibət bildirməzdən öncə bir prinsipial məsələyə toxunmaq istəyirəm. Bir hüquqşünas kimi, fikrimə görə, Nazirlər Kabinetinin hesabatının konstitusion əsası dəqiq müəyyənləşdirilməyibdir. Konstitusiyanın 95-ci maddəsinin 14-cü bəndində Nazirlər Kabinetinə etimad məsələsinin həlli Milli Məclisin səlahiyyətinə aid edilmişdir. 109-cu maddədə də Prezidentin Nazirlər Kabinetinin istefası barədə qərar qəbul etdiyi qeyd olunur. 116-cı maddədə isə Nazirlər Kabinetinin özünün istefası göstərilir ki, bu da Prezidentin vəzifəsinin icrasına başlaması ilə əlaqədardır. 2002-ci il dekabrın 24-də qəbul olunan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununda da Nazirlər Kabinetinin fəaliyyəti haqqında ildə bir dəfə hesabat verdiyi müəyyən olunur. Etimad və ya etimadsızlıq hesabat olmadan da istənilən vaxt göstərilə bilər və bunun hesabatla məntiqi əlaqəsi yoxdur. Bütün hallarda isə nə etimadsızlıq, nə də hesabatın qənaətbəxş olmaması heç bir hüquqi nəticə doğurmur. Yəni heç yerdə belə bir müddəaya rast gəlməzsiniz ki, biz əgər bu gün Nazirlər Kabinetinə etimadsızlıq göstərsək, Prezident Nazirlər Kabinetini istefaya göndərə bilər.
Belə olan halda daha məqsədəuyğun olmazmı ki, bu hesabat diktor mətni ilə televiziyadan oxunsun və əhali Nazirlər Kabinetinin fəaliyyəti haqqında daha geniş səviyyədə məlumat əldə etsin? Ya biz Konstitusiya Qanununda dəyişiklik edib Nazirlər Kabinetinə etimad məsələsinə real hüquqi məzmun verməliyik, ya da “hesabat” sözünü “məlumat” sözü ilə əvəz etməli, ombudsmanın illik məruzəsində olduğu kimi, təqribən elə bir prosedur forması düşünməliyik. Çünki hər bir hüquqi xarakterli aktın həm də hüquqi nəticəsi olmalıdır. Hesabatı bu cür qiymətləndirmək imkanlarımız olmadığına görə bu iradı, təklifi öz düşüncəm olaraq sizin diqqətinizə çatdırmaq istəyirəm.
Buna baxmayaraq, təqdim olunan sənəd ortadadır və ona münasibət bildirmək düşüncəsindəyəm.
Sənəddə çoxlu müsbət irəliləyişlər olduğu qeyd olundu. Həqiqətən, regionların inkişafında da, iqtisadi sahədə də müəyyən müsbət irəliləyişlər var. Amma Azərbaycan bir az tərif məmləkəti, tənqidin az olduğu bir ölkə olduğuna görə biz çalışaq ki, məsələnin tənqid tərəfinə daha çox münasibət bildirək. Birinci növbədə, sənədin strukturundakı nöqsanlar barədə fikrimi nəzərinizə çatdırmaq istəyirəm. Diqqət yetirsəniz, görərsiniz ki, 7-ci bölmədə MDB dövlətləri ilə münasibətlər və digər xarici dövlətlərlə əlaqələr ayrı-ayrı bəndlərdə verilir. Sanki MDB dövlətləri bizə bir köynək yaxın xarici dövlətlərdir, digər xarici dövlətlər isə bir az uzaqdır. Bu cür bölgünü məntiqsiz hesab edirəm. Hətta diqqət eləsəniz, mətnin içində “Digər xarici dövlətlərlə əlaqələr” bölməsində Moldovada səfirliyin açılması, Türkmənistanla dəniz dibinin bölünməsi barədə aparılan danışıqlar, Rusiya ilə sərhədlərin delimitasiyası kimi məsələlər də yer almışdır. Hətta bu bölgünün özünə də ciddi əməl olunmamışdır.
İkinci, mən, ümumiyyətlə, “Müdafiə, dövlət təhlükəsizliyi və ictimai asayiş sahəsi” adlanan bölmənin hesabata salınmasını Konstitusiyaya görə doğru olduğunu düşünsəm də, bizim real idarəçilik qaydalarına görə məntiqsiz hesab edirəm. Əgər bu qurumların fəaliyyəti hesabata salınırsa, özləri niyə Milli Məclisdə iştirak etmirlər? Əgər onların fəaliyyəti bir çox hallarda burada iddia olunduğu kimi, məxfi xarakter daşıyırsa, onda bunun hesabata salınmasının hansı əsaslandırılması ola bilər? Məncə, onlar iclasa gəlmirlərsə, bunu ayrıca bölmədə onların hesabatı kimi göstərmək doğru deyil, çünki millət vəkillərinin sualları ortaya çıxa bilər. Bu sualları kiminsə mücərrəd formada cavablandıracağını gözləmək doğru olmazdı.
Əvvəllər Sov.İKP-nin proqramlarında yazılırdı ki, qardaş ölkələrin sosialist partiyalarına köməklik göstərmək. Hansı ölkəyə nə ayrıldığı göstərilmirdi. Bizdə də əsaslı investisiya qoyuluşu ilə bağlı büdcə vəsaitlərinin Nazirlər Kabineti tərəfindən bölüşdürülməsi mexanizmi var, qanunda nəzərdə tutulub. Belə vəziyyətdə vəsaitin böyük bir hissəsi, məsələn, Azərbaycan Tarix Muzeyinin, Hökumət evinin, “Gülüstan” sarayının, Azərbaycan Neft Akademiyasının, Milli Arxiv İdarəsinin təmirinə ayrılır. Vəsaitlərin böyük qismi İşğal olunmuş ərazilərin bərpası və yenidən qurulması agentliyinə ayrılır. Azərbaycanda bu qaydanı tədricən yığışdırmaq lazımdır. Hara nə ayrılırsa, adı və ünvanı dəqiq göstərilməlidir. Hər hansı ərazi işğaldan azad olunubmu ki, onun bərpası ilə bağlı bu agentliyə, – təyinatı olmayan strukturları da burada qeyd edərək, – vəsait ayrılır? Çox təəssüf ki, Nazirlər Kabinetinin hesabatında bu məsələyə xüsusi yer ayrılmayıb, ümumi şəkildə üzərindən keçilibdir.
Hesabatın üslubunda da ciddi nöqsanlar var. Bu nöqsanlar nədən ibarətdir? Sənəddə göstərilir ki, 2008–2011-ci illər üzrə sosial-iqtisadi inkişaf konsepsiyasında 4 əsas prioritet istiqamət müəyyən edilmişdir. Onlardan birincisini qeyd edirəm: davamlı və tarazlı iqtisadi inkişaf. Bəs nədən digər yerlərdə inkişafda əldə olunan sıçrayışdan bəhs olunur? Bu bədii epitet kimin tapıntısıdır? Axı necə olub ki, sıçrayışla davamlı və tarazlı inkişafın fərqinə diqqət yetirilməyib? Hamı bilir ki, Azərbaycanda sıçrayış, əsasən, iki sahədə baş verir: qiymətlərin hər 15 gündən bir artmasında və yoxsulluq səviyyəsinin guya azalmasında. Diqqət edin ki, hər gün gündəlik tələbat mallarının, tikinti materiallarının qiyməti artır. Bunun müqabilində isə ildə bir dəfə əmək haqlarının artırılmasını az qala vətəndaşa qayğı kimi təqdim etməyə çalışırlar. Yoxsulluğun səviyyəsi 2003-cü ildə 45 faiz idi, indi isə 16 faizə enib. Bu, silsilə ilə davam edirsə, hər il 4 faiz buradan çıxılır. Belə çıxır ki, 2011-ci ildə Azərbaycanda, ümumiyyətlə, yoxsulluq olmayacaq, çünki hər il 4 faiz çıxılanda yoxsulluq həddi sıfıra enməlidir. Rəqəmləri bu cür silsilə ilə, konkret 4 rəqəmlə azaltmağın heç bir səmərəsi yoxdur. Bunu cəmiyyətə daha açıq, daha şəffaf məsələ kimi təqdim etmək lazımdır.
Hesabatda göstərilən bəzi məsələlərdə də nöqsanlar var. Məsələn, qeyd olunur ki, filan ölkələrdə nə qədər diaspora təşkilatı yaradılıbdır. Diaspora təşkilatının təsis edilməsi dövlətin funksiyası kimi göstərilibdir. Diaspora təşkilatları könüllü yaradılır. Ola bilsin, dövlət düz edir, pul ayırır, bu təşkilatları yaradır. Amma bunu hesabatda dövlətin yaratdığı təşkilatlar kimi göstərmək, hesab edirəm ki, doğru qiymətləndirilə bilməz.
Mən digər bir məsələyə də xüsusi olaraq toxunmaq istəyirəm. Biz uzun müddətdir ki, partiyamıza qərargah ayrılması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə yazışma içindəyik. Hələ də buna nail ola bilməmişik. Fikirləşirdim ki, bəlkə bu mexanizm Azərbaycanda ancaq partiyalara tətbiq olunur, yəni bu komitənin yalnız partiyalara münasibəti mənfidir. Araşdırandan sonra aydın oldu ki, bu münasibət səhmdarlardan tutmuş özəlləşdirmə prosesində iştirak edən bütün vətəndaşlara aiddir. Diqqət edirsinizsə, göstərilir ki, səhmlərin satışı üzrə 50 pul hərracı keçirilmiş və 129 səhmdar cəmiyyətin səhmləri alınmışdır. Burada da qeyd olunur ki, “Mülkiyyət” qəzetinin həftəlik nəşrində bu, dərc olunub. Mən bir faktı demək istəyirəm. Mart ayının 10–14-də Respublika Auksion Mərkəzində hərrac keçirilir. Mənə müraciət edən sahibkarlar göstərirlər ki, “Mülkiyyət” qəzetinin məhz hərracdan bir ay öncə çap olunan nömrəsini heç kim əldə edə bilməyib, hətta o, kitabxanalara belə verilməyibdir. Müraciət edənlərə də gülməli şəkildə deyilibdir ki, bir nəfər qəzetin bütün nömrələrini alıbdır. Fikir verin, abunəçiyə deyilir ki, bir nəfər bütün nömrələri alıb.
Hesab edirəm ki, bu cür yanaşma özəlləşdirmə prosesinin şəffaflığına ciddi kölgə salır və bunun yolverilməz olduğunu hamımız qəbul eləməliyik. Səsləndirdiyimiz təkliflərin hansı dərəcədə həll olunması ilə bağlı Nazirlər Kabinetinin hesabatında müsbət bir məqam var. Hesabatın sonunda deputatların təklifləri göstərilib. Amma bütövlükdə bizim bu məsələyə hüquqi qiymət vermək imkanımız üzərində düşünməyimiz daha məqsədəuyğun olar. Onda hesab edirəm ki, hökumət bizə daha məsuliyyətli hesabat sənədi təqdim eləyə bilər və bizim verdiyimiz qərar da ən azı idarəetmədə müəyyən məsələlərin, nöqsanların aradan qaldırılması işində Prezidentə kömək ola bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Hesabata münasibət bildirmədin, mücərrəd danışdın. Konstitusiyaya istinad elədin, amma fikrini axıra çatdırmadın. Bilinmədi ki, hesabata münasibətin necədir. Mübariz Qurbanlı.
M. Qurbanlı. Cənab Sədr, hörmətli Baş nazir, Azərbaycan hökumətinin hörmətli üzvləri! Hər hansı bir ölkədə hökumətin fəaliyyətinə qiymət verilərkən bir neçə meyar götürülür və buna uyğun da hökumətin fəaliyyəti qiymətləndirilir. Həmin ölkələrdə hökumətin fəaliyyəti təhlil olunarkən iqtisadi göstəricilər, beynəlxalq əlaqələr, əhalinin sosial vəziyyəti və sair əsas götürülür. Azərbaycan hökumətinin fəaliyyətinə də bu göstəricilərlə yanaşsaq, ötən il ərzində Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti ölkəni sosial-iqtisadi baxımdan irəliyə doğru aparıb və 2007-ci il Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli illərdən biri kimi yadda qalıb. İqtisadi göstəricilər bunlardır: ümumi daxili məhsul, sənaye məhsulu istehsalı, yoxsulluğun səviyyəsinin aşağı salınması, əhalinin pul gəlirlərinin artması və sair. Hörmətli Baş nazir çıxışında bu məsələlərlə əlaqədar fikirlərini səsləndirdi.
Bizə hökumətin 2007-ci il fəaliyyətini özündə əks etdirən təkmil bir sənəd təqdim olunub. Bu sənədi diqqətlə oxuduqda biz Azərbaycan hökumətinin ölkənin sosial-iqtisadi inkişafı yolunda çox gərgin fəaliyyət göstərdiyini görə bilərik. Bunlar, sadəcə, statistika deyildir. Bunların arxasında gərgin fəaliyyət və bu fəaliyyəti uğurla həyata keçirən rəhbərlik dayanır. Bu da Prezidentin rəhbərliyidir.
Azərbaycanın sosial-iqtisadi inkişafının göstəriciləri burada öz əksini tapıb və bunları təkrarlamağa ehtiyac yoxdur. Bizim hər birimiz Azərbaycan vətəndaşıyıq, əhalinin içərisindəyik, regionlarda oluruq, seçildiyimiz bölgələrdə görüşlər keçiririk. Biz hər il Azərbaycan vətəndaşının, hər birimizin həyat şəraitinin yaxşılaşdığını görürük. Eyni zamanda, burada hökumətin fəaliyyətini tənqid edən müxalifətin də həyat şəraitinin yaxşılaşdığını görürük. Onların minik avtomobillərinin markalarının dəyişdiyini də görürük. Bu dəyişiklik hamıya, o cümlədən müxalifətə də, bütün cəmiyyətə də aiddir. Hökumətin fəaliyyətinə tənqidi yanaşmaq istəyənlər tənqid naminə tənqid etməsinlər. Tənqidin tənqidi də vardır. Yəni bu baxımdan yanaşsaq, burada müxalifət nümayəndələrinin dedikləri tezislərin heç də müəyyən dəlillərə əsaslanmadığını görərik. Yəni onlar yalnız və yalnız müxalifətçilik naminə bu fikirləri səsləndirirlər.
Deputat Pənah Hüseyn söyləyir ki, Azərbaycanda yeni iş yerlərinin açılması ilə bağlı deyilən rəqəmə şübhə ilə yanaşır. Nə üçün şübhə ilə yanaşırsınız? İş yeri dedikdə, yəqin, düşünürsünüz ki, bu, insanların sovet dövründəki kimi fabrik və zavodlara toplaşması ilə müşayiət olunmalıdır. Bu gün Azərbaycanda aqrar islahat həyata keçirilib, yüz minlərcə Azərbaycan kəndlisi sahibkara çevrilib. Bunların hər birinin fəaliyyəti yeni iş yeri deməkdir. Bu gün regionlarda, bölgələrdə emal-sənaye müəssisələri yaranmaqdadır. Emal-sənaye müəssisələrində insanlar çalışırlarsa, bunlar yeni iş yerləri demək deyilmi? Yeni iş yerlərinin açılması prosesi davam edir və edəcəkdir. Buna inanmamaq isə, sadəcə, sizin özünüzə və sizin müxalifətçiliyinizə aiddir. Hər şeyə şübhə ilə yanaşmaq olmaz, amma gördüyünə şübhə etmək – bu, artıq küfrdür.
Ona görə də hesab edirəm ki, burada danışarkən məsuliyyətli olmalıyıq. Eyni zamanda, həm siyasi, həm də etik məsuliyyətimizi dərk etməliyik. Hörmətli Baş nazir çox sərrast və mən deyərdim ki, Azərbaycan dilinin qrammatikasına uyğun şəkildə fikirlərini bizə çatdırdı. Müəyyən bir ifadədəki tələffüzü əsas gətirib ağsaqqal, tanınmış insana irad tutmaq, mən elə bilirəm ki, mənəvi baxımdan düzgün deyil.
Qiraət sənəti ilə məşğul olanlar Pənah Hüseynin çıxışını təhlil eləsələr, minlərlə səhv tapa bilərlər. Onda görərik ki, o da Azərbaycan dilində mükəmməl danışmır. Ona görə gələcəkdə bunları nəzərə almaq lazımdır. Tənqid əsaslı şəkildə olmalıdır. Digər tərəfdən, təkliflər verilməlidir. Siz nəyi təklif edirsiniz? Heç bir təklif yoxdur, yalnız “istefa” deyirsiniz. Bəli, müxalifətə istefa vermək lazımdır. 15–16 ildir Azərbaycan siyasətində olan, amma Azərbaycan üçün heç bir iş görə bilməyən, yalnız və yalnız meydan dövründəki tezislərini bu və ya digər formada təkrarlayan adamlar istefa verməlidirlər.
Burada yerdən dedilər ki, Azərbaycan kriminallaşır. Azərbaycan kriminallaşmır, Azərbaycan MDB məkanında cinayətlərin miqyasına görə ən aşağı yerlərdən birini tutur. Ətraf ölkələrə baxın: hər yerdə partlayışlar, adam oğurluğu, öldürmə, qarət, qətl. Hətta ən inkişaf etmiş ölkələrdə belədir. Biz Azərbaycanda bunları görmürük. Siz xaricilərlə söhbət eləyin. Mən bir neçə dəfə müxtəlif ölkələrdən gələn və burada işləyən xarici vətəndaşlarla söhbətlər eləmişəm. Onlar deyirlər ki, Azərbaycan çox sakit ölkədir və Azərbaycan xalqı çox yaxşı xalqdır. Onlar axşamlar gəzirlər, idmanla məşğul olurlar, müxtəlif əyləncə mərkəzlərinə gedirlər. Amma sizi inandırıram ki, Latın Amerikası, Asiya və Afrika ölkələrində insanlar küçələrə çıxmağa qorxurlar. Bunu qiymətləndirmək lazımdır.
Sonra, burada cənab Fazil Qəzənfəroğlu dedi ki, niyə hökumət tam tərkibdə burada iştirak eləmir? Mən gördüm ki, Qəzənfəroğlu Konstitusiyadakı maddələri yaxşı oxuyub. Amma orada yazılıb ki, hökumət üzvlərinin hamısının hesabatda iştirak eləyib-eləməməsini Nazirlər Kabineti iş qaydasına görə müəyyənləşdirir. Yəni burada Nazirlər Kabinetinin bütün üzvlərinin iştirak eləməsi o qədər də vacib deyil. Hesabat var və təbii ki, bizim burada səsləndirdiyimiz fikirlər də onlara çatdırılacaq.
Digər tərəfdən, mən bəzi çıxışlara diqqət yetirirəm. Bu, büdcənin müzakirəsi deyil. Büdcənin müzakirəsində biz ayrı-ayrı vəsaitlərin haraya nə qədər ayrıldığını deyirik, görürük. Bizə büdcə zərfi verilir və orada hamısı yazılır. Bu, hesabatdır. Hesabatda isə göstərilir ki, hökumət ötən il ərzində nə işlər görüb. Burada inflyasiyadan danışdılar. İnflyasiya dünyanın hər yerində var. Mən o gün televiziyanı izləyirdim, Fransada ərzaq məhsullarının qiyməti 48 faiz qalxıb. Fransanın iqtisadiyyat naziri mağazaları gəzirdi ki, bunun səbəbi nədir? Əlbəttə, o demirdi ki, niyə qiymətləri qaldırırsınız? O, qiymətlərə müxtəlif hesabatlar aparmaq üçün baxırdı. Neftin, qızılın qiymətinin qalxması, maliyyə sistemində baş verən hadisələr bütün dünyaya təsir eləyib. Biz də dünyanın tərkib hissəsiyik. İnflyasiya Avropada da var. Avro məkanına daxil olan ölkələrin ixrac qabiliyyəti aşağı düşür, hamı bunu görməkdədir. Hökumətin vəzifəsi nədirsə, onu yerinə yetirir və yetirməkdədir. Hökumət vətəndaşın sosial müdafiəsini və iqtisadi inkişafı təmin edir. Eyni zamanda, hökumət insanların təhlükəsizliyi və ərzaq təhlükəsizliyinin təminatı üçün tədbirlər görür, sahibkarlığın inkişafına yardım göstərir.
Sahibkarlığın inkişafına yardım göstərmək nə deməkdir? Bütün ölkələrdə aparılan debatlarda vergi məsələsi ortadadır. Vergini aşağı salmaq və yaxud yuxarı qaldırmaq məsələsi müzakirə olunur. Bu yaxınlarda İspaniyada seçkilər keçirildi. Ən çox müzakirə bunun üzərində idi. ABŞ-da da ara seçkilərində ən çox mübahisə doğuran məsələ bu idi. Azərbaycan hökuməti vergidə “bir pəncərə” sistemini həyata keçirib. Eyni zamanda, mənfəət vergisi 22 faizə endirilib. Baxmayaraq ki, Azərbaycan bunu edərkən bəzən ziyana düşür, amma Azərbaycan Respublikasının Prezidenti məhz Azərbaycanda sahibkarlığın inkişafı naminə bu addımı atıb. Çünki Azərbaycanda sahibkarlığın inkişafı, orta təbəqənin yetişməsi prosesi gedir və bu gün Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır. Bu gün Azərbaycanın hər yerində yollar çəkilir. Bəzən hücuma keçirlər ki, niyə yol çəkilir? Bəs neyləməlidirlər? Əvvəl yol olmalıdır, onun arxasınca enerji sabitliyi, bundan sonra isə kapital gəlir. Ona görə hesab edirəm ki, hökumətin fəaliyyətini müsbət qiymətləndirməli və burada deyilən yanlış tezisləri də inkar eləməliyik.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Mən də hökumətin hesabatını qənaətbəxş hesab edirəm. Düşünürəm ki, 2007-ci ildə çox böyük iş görülüb. Prezidentimizin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf davam edir və ölkədə güclü abadlıq işləri aparılır. Bu, hökumətin hesabatında da öz əksini tapıb. Ümumiyyətlə isə hər bir insan həyatda bunun bilavasitə şahididir. Hərdən deyirlər ki, bizə təqdim olunan hesabatda “a” hərfinin yerinə “b” hərfi düşüb. Yaxşı, ölkəmizdə aparılan işlərə nə deyirsiniz? Bu qədər iş görülür, amma həmkarlarım bu barədə bir kəlmə də olsun demirlər. Deyirlər ki, filan kəndin qazı yoxdur, filan kənddə körpü sökülüb. Bu məsələlər hökumətin gördüyü işlərdən daha önə çıxarılır. Bəli, problemlər var, hökumət bunu bilir və bu problemləri aradan qaldırmaqla məşğuldur. Ona görə də Nazirlər Kabineti hər il Milli Məclisdə hesabat verir, millət vəkilləri də hesabatla bağlı öz fikirlərini bildirir və qarşıda duran vəzifələri həyata keçirməklə bağlı müəyyən təkliflərini verirlər.
Həm bu gün, həm də dünən qeyri-hökumət təşkilatlarının keçirdiyi dəyirmi stolda uğursuz siyasətlə məşğul olan bir neçə partiya sədri və bir neçə deputat, o cümlədən bir neçə uğursuz iqtisadçı hökumətin hesabatını təhlil ediblər. Ortaya nə çıxıb? Demək olar ki, nə bir təklif var, nə də məsələyə ciddi şəkildə yanaşma. Bu adamlar onu ortaya çıxara biliblər ki, Gürcüstanda həbsxana filan qiymətə tikilib, Azərbaycanda bu qiymətə. Onların iqtisadçılarının bütün Azərbaycanda baş verən prosesləri bir yana atıb tapdıqları nöqsana bax. Ola bilər ki, hər yerdə bir qiymətə tikilir, bunu heç kim müəyyənləşdirə bilməz. İspaniyada bir qiymətə, başqa ölkədə fərqli qiymətə tikilə bilər. Hər bir adam evi öz zövqünə görə tikir. O, başqasına deyə bilməz ki, sən də gəl, bu qiymətə tik. Bu cür yanaşma, bu cür baxış onu göstərir ki, doğrudan da, Azərbaycanda müxalifətçilik iddiasında olan, müxalifətçilik mövqeyində dayanan insanlar tamamilə köhnəliblər və tarixin arxivinə getməlidirlər.
Eyni fikirləri hər il hökumətin hesabatında eşidirik. Bu yaxınlarda NATO Parlament Assambleyasının prezidenti Bakıda idi. Onun cənab Baş nazirlə görüşündə mən də iştirak elədim. O, görüşdə çox gözəl bir fikir səsləndirdi. Qeyd elədi ki, xalasının fermer təsərrüfatı var və o, qapı üstündə belə bir cümlə yazıb vurub: “Mənim bərli-bəzəkli sözlər deyən insanın məsləhətinə ehtiyacım yoxdur, o insanın məsləhətinə ehtiyacım var ki, bu işi məndən daha yaxşı görür və daha çox məhsul əldə eləyir”. İndi burada hərə bir məsləhət verir və biz də real vəziyyəti görürük. Siz o vaxtlar ölkəni hansı vəziyyətə, hansı kriminal duruma salmışdınız?
Pənah Hüseyn, sən Baş nazir olan vaxt rüşvətxorluq, korrupsiya tüğyan eləyirdi. Hətta rəhbəriniz Əbülfəz Elçibəy qeyd elədi ki, tankın, topun qarşısında əyilməyən cəbhəçilər rüşvətin qarşısında əyildilər. O bu sözləri sizə ünvanlayırdı. Siz Nazirlər Kabinetinin rəhbəri olanda “şapka” əməliyyatını Azərbaycana gətirdiniz və həyata keçirdiniz. İndi burada məntiqlə bağlı fikir söyləyirsiniz. Cənab Baş nazir mitinqdə çıxış eləmir ki? Parlament qarşısında hesabat verir də, burada bərli-bəzəkli fikirlərə ehtiyac varmı? Çox gözəl hesabat verdi, fikirlərini söylədi.
Deyir ki, heç bir iş görülmür. İş görülməyibsə, niyə büdcə ilbəil artır? Azərbaycanın dövlət büdcəsi heç bir ölkədə olmayan dərəcədə artır və bu proses davam edir. Deyir ki, iş yerləri açılmayıb. Elə təkcə Bakı şəhərində 8 körpü, yeraltı keçidlər tikilir, yollar çəkilir. Burada işləyən adamları aydan gətirirlər, ya taxtadan düzəldirlər? Bu adamlar ölkənin vətəndaşlarıdır.
Mən tez-tez rayonlarda oluram. Orada şikayət yalnız ondan ibarətdir ki, işçi tapa bilmirlər. Hər rayonda, hər məntəqədə o qədər tikinti-quraşdırma işləri gedir ki, çatdırmaq mümkün deyil. İşçi tapa bilmirlər, axtarırlar. Yaxşı sənətkar tapa bilmirlər. Elə bircə xəstəxanaları götürək. Azərbaycanda o qədər diaqnostik mərkəzlər tikilib. Lənkəranda, Balakəndə, Qəbələdə, Yevlaxda və başqa rayonlarda belə mərkəzlər, xəstəxanalar tikilir. Artıq ürək, beyin cərrahiyyəsini yerlərdə həyata keçirirlər, Bakıya və başqa ölkələrə aparmırlar. Bunu niyə görmürsünüz? Bunlar planlı və ardıcıl şəkildə həyata keçirilir. Budur ölkənin iqtisadi göstəricisi, budur ölkədə aparılan işlər.
Hörmətli Sabir müəllim həmişə deyirdi ki, Tarix Muzeyi pis vəziyyətdədir. Bu gün bütün muzeylərimiz ən yüksək səviyyədə təmir olunub, vətəndaşların, gənclərin, xaricilərin ixtiyarına verilir. Gəlsinlər və görsünlər ki, Azərbaycanda nələr baş verir. Şəhər abadlaşdırılır, yenidən qurulur, yollar çəkilir və sair. Bunlardan danışılmır. Sabirabaddakı bir körpünün qırığından söhbət aparılır. Düzdür, hökumətin müəyyən sahələrdə gördüyü işlərdə çatışmazlıq ola bilər. Elə strukturlar var ki, onları tənqid etmək lazımdır. Amma biz bunun əksini görürük. Hansı strukturlar yaxşı işləyirsə, “Azadlıq” və “Müsavat” qəzetlərində o strukturun rəhbəri haqqında geniş məqalələr verməyə başlayırlar. Bunu ona görə edirlər ki, bu, işləyən adamdır, iş aparır, Prezidentə sədaqətini nümayiş etdirir. 8–10 nömrə dalbadal, tutaq ki, fövqəladə hallar naziri haqqında, onun dalınca nəqliyyat naziri haqqında, onun dalınca da təhsil naziri haqqında yazılar verirlər. Azərbaycanda elə sahələr var ki, ondan yazmaq olar. Yazın, niyə yazmırsınız? Çünki sərf eləmir. O sahəyə toxunurlar ki, orada iş gedir, uğurlar var.
Hüquq mühafizə orqanları haqqında da nə gəldi yazırlar. Başda Prezidentimiz olmaqla hüquq mühafizə orqanlarının fəaliyyəti sayəsində bu gün Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. İqtisadi irəliləyişlərimiz məhz Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin nəticəsidir. Siz istəyirsiniz ki, ictimai-siyasi sabitliyi pozasınız, amma heç kim sizə söz deməsin. Kimə nəsə olubsa, hüquq mühafizə orqanlarının işidir, araşdırılır. Dünyanın hər yerində belədir. ABŞ-da gündə 10 qətl və yaxud da xəsarət yetirmə hadisəsi baş verir. Deməli, gündə Ağ evdə, yaxud Konqresdə hökumət bununla bağlı hesabat verməlidir? Araşdırılır, cinayətkar kimdirsə, cəzasını alacaqdır.
Burada Dağlıq Qarabağ məsələsinə toxunuldu. Bilirsiniz ki, Prezidentimiz tərəfindən Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi işlər aparılır. Azərbaycan ordusunun büdcəsi 4 il ərzində 6 dəfə artıb. Azərbaycan ordusunun büdcəsi Ermənistanın dövlət büdcəsi ilə təxminən bərabər vəziyyətə gəlib çatdırılıb. Bunun özü onu göstərir ki, bu, artıq işğal olunmuş torpaqların azad olunması üçün atılan addımdır. Orduya və bu sahə ilə məşğul olan digər strukturlara daim diqqət göstərilməsi Azərbaycanın Dağlıq Qarabağ problemini ərazi bütövlüyü çərçivəsində həll eləməsi istiqamətində atılan addımdır. Məgər bunlar görünmürmü? Görünür, sadəcə olaraq, bizim opponentlər bu baxımdan da ölkədə gedən islahatların üstünə kölgə salmaq istəyirlər. 2008-ci il Prezident seçkiləri ilidir, mən hesab edirəm ki, bu seçkilərdə millətimiz İlham Əliyevi dəstəkləyəcək, ona səs verəcəkdir. 2008-ci ildə biz müxalifəti əbədi olaraq tarixin arxivinə göndərəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Hüseynov.
Əli Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Artıq neçənci dəfədir ki, biz parlamentdə Nazirlər Kabinetinin hesabatını dinləyirik, ona münasibət bildiririk. Hər dəfə olduğu kimi, indi də hesabat öncəsi müxalifət mətbuatı və parlamentdə təmsil olunan müxalifət nümayəndələri hesabatın tərtibatı ilə bağlı iradlarını bildirirlər. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun məruzəçisi kimi onu vurğulamaq istəyirəm ki, bu, çərçivə qanundur və hesabatın məzmununu müəyyənləşdirmir. Bunu müxalifət nümayəndələri də bilməlidirlər. Yox, əgər bilmirlərsə, öz partiyalarında Konstitusiya hüququ üzrə mütəxəssis varsa, soruşa bilərlər. Hesabatın məzmunu Konstitusiyanın 119-cu maddəsi ilə müəyyənləşdirilir. Hesabatla tanış olsaq, görərik ki, bu, Nazirlər Kabinetinin səlahiyyətlərinə uyğun olaraq tərtib edilib. Şəxsən məni sevindirən budur ki, hesabatda həmkarlarımın qeyd etdiyi kimi, Azərbaycanın müdafiə təhlükəsizliyi, xarici iqtisadi əlaqələr, korrupsiyaya qarşı mübarizə, məhkəmə-hüquq islahatları və digər məsələlər öz əksini tapıb. Ona görə də hesab edirəm ki, hesabat kifayət qədər mükəmməl hazırlanıb. 119-cu maddəyə görə də Nazirlər Kabineti burada hesabat verərkən hüquq mühafizə orqanları rəhbərlərinin dəvət olunmasına heç bir ehtiyac yoxdur. Əgər kimsə hər hansı bir məsələ ilə bağlı sorğu vermək istəyirsə, bunu ayrı qaydada edə bilər.
Mən həmkarlarım Mübariz müəllim və Siyavuş müəllimin fikirlərini davam etdirmək istəyirəm. Əlbəttə ki, bu gün Azərbaycandakı sürətli iqtisadi inkişafı kimlərsə görmək istəmirlər. Amma bunu artıq bütün dünya görür və qəbul edir. Hesabatda da qeyd olunub, demək olar ki, Azərbaycanda 60-dan çox dövlət proqramı və tədbirlər planı həyata keçirilir. Bizim sürətli iqtisadi inkişafa uyğun olaraq hər hansı bir yeni sahəni tənzimləmək, ora bir maliyyə dəstəyi vermək lazımdırsa, dövlət və cənab Prezident tərəfindən bu, əlavə sərəncamlar və tədbirlər vasitəsi ilə çox operativ surətdə həyata keçirilir.
Regionların inkişafı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Ola bilər ki, regionlar bərabər şəkildə, eyni səviyyədə inkişaf eləmir. Amma mən müxalifəti təmsil edən millət vəkillərinin seçildikləri rayonda görülən işlərlə bağlı iradlarını başa düşmürəm. Belə çıxır ki, millət vəkili, ümumiyyətlə, heç bir məsuliyyət daşımır. İndi parlament majoritar seçki sistemi ilə, təmsilçilik hüququ əsasında formalaşıb və millət vəkili də yerli icra hakimiyyəti orqanı ilə birlikdə regionun, rayonun iqtisadi inkişafına öz töhfəsini verməlidir. Mənə elə gəlir ki, burada günahı gərək özlərində axtarsınlar. Bu sistemdə millət vəkilləri yerli icra hakimiyyəti orqanı ilə hökumət arasında yaxşı əlaqələndirici bir rol oynamalıdırlar. Məncə, bunu edə bilmirlər və narazılıqlar da ondan irəli gəlir. Mən bununla bağlı müəyyən rəqəmlər də deyə bilərəm. Misal üçün, 2007-ci ildə Yevlaxda bütün sahələrdə ümumi daxili məhsul 2006-cı illə müqayisədə 3 dəfə artıb. Bu da başqa bir göstəricidir. Ona görə də demək istəyirəm ki, hər bir millət vəkili gərək öz məsuliyyətindən də danışsın.
Hesabatla bağlı bir neçə fikrimi də sizinlə bölüşmək istəyirəm. Burada qeyd olundu, ümumiyyətlə, son vaxtlar tez-tez Azərbaycanda korrupsiyanın səviyyəsi ilə bağlı fikirlər söyləyirlər. Ona görə də deyilməli və əslində, hesabatda olmalı bir fikri vurğulamaq istəyirəm. Bu yaxınlarda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi çox nüfuzlu beynəlxalq təşkilat olan USAİD və Avropa Şurası ilə birlikdə Azərbaycanda “Antikorrupsiya strategiyasına dəstək” layihəsini həyata keçirib. Bu layihəyə 800 min ABŞ dolları məbləğində vəsait ayrılıb. Əgər beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizədə siyasi iradəni görməsələr, bu qədər vəsait ayırarlarmı? Bu layihənin özü də Azərbaycanda antikorrupsiya strategiyasına dəstəkdir. Bu layihədən bəhrələnərək hətta Azərbaycanda korrupsiya ilə bağlı araşdırmalar həyata keçirən qeyri-hökumət təşkilatlarına da vəsaitlər ayrılmışdır.
Bir məsələni də burada qeyd etmək istəyirəm. Beynəlxalq Şəffaflıq Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktorunun bir fikrini nəzərinizə çatdırmaq istəyirəm. Ona sual ünvanlanır ki, nə üçün Azərbaycanla bağlı daha ciddi tələblər irəli sürülür? Cənab Marşalın cavabı belə olmuşdur ki, Azərbaycan MDB-nin digər dövlətləri kimi deyil. Azərbaycan bir çox inkişaf etmiş dövlətlərlə ən yaxın strateji əməkdaşlıq edən bir ölkədir. Ona görə də Azərbaycana münasibət və tələblər bu cürdür. Mən, ümumiyyətlə, bir fikri vurğulamaq istəyirəm. Bəzən beynəlxalq təşkilatların verdiyi rəylərdə ikili standartlar və qeyri-obyektiv məqamlar ola bilər. Amma burada müsbət məqamı da axtarmaq lazımdır. Bu odur ki, Azərbaycan keçmiş MDB məkanında Qərb üçün ən yaxşı iqtisadi tərəfdaşdır. Ən böyük iqtisadi layihələr Azərbaycanda həyata keçirilir və təbii ki, Qərbdə maraqlıdırlar ki, Azərbaycandakı iqtisadi inkişaf Qərb dövlətlərinin səviyyəsində olsun. Təsadüfi deyil ki, biz cənab Baş nazirin çıxışında da bunu eşitdik. Azərbaycan artıq iqtisadi baxımdan inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır.
Həmkarım Siyavuş müəllim bir məsələyə toxundu. Həqiqətən də, Azərbaycanda son dövrlərdə səmərəli şəkildə məhkəmə-hüquq islahatları həyata keçirilir. Yeni məhkəmə binaları tikilir, o cümlədən penitensiar sistemdə islahatlar həyata keçirilir. Qeyd etmək istəyirəm ki, məhkəmələrin tikintisinə vəsait ədliyyə naziri ilə Dünya Bankı arasında imzalanmış müqavilə əsasında ayrılıb. Əvvəlcə 50 milyon ABŞ dolları ayrılıb, sonra isə Yaponiya hökuməti təxminən 9 milyon dollar həcmində qrant verib. Azərbaycan hökuməti də təxminən bu məbləğdə vəsait ayırıb. Heç bir halda həyata keçirilən işlərə kölgə salmaq mümkün deyil. Ona görə ki, bu beynəlxalq təşkilatların özləri o vəsaitin xərclənməsinə nəzarət eləyirlər. Ona görə, mən Siyavuş müəllimlə razıyam, bu cür fikirləri səsləndirəndə, əlbəttə, diqqətli olmaq lazımdır. Həm iqtisadi, həm də hüquqi islahatlar beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir və burada maliyyə şəffaflığı nəzərə alınır.
Əlbəttə, ictimaiyyəti daha çox narahat edən məsələ qiymətlərin qalxmasıdır. Bunun, təbii ki, həm obyektiv, həm də subyektiv səbəbləri var. Məlumdur ki, dünyada neftin qiyməti, ümumiyyətlə, qiymətlər qalxır. Mən burada başqa bir məqama toxunmaq istəyirəm. Şəxsən məni narahat eləyir ki, hökumətin müxtəlif strukturları bəzən ictimaiyyətə bir-birindən fərqlənən məlumatlar çatdırırlar. Məncə, bu məsələdə daha əlaqəli fəaliyyət göstərmək lazımdır. Düşünürəm ki, Nazirlər Kabinetinin mətbuat xidməti də gərək işini müasir standartlara uyğun qursun. Biz, misal üçün, xarici siyasətlə bağlı bu mətbuat xidmətinin fəaliyyətinin çox vacib olduğunu düşünürük. Elə bilirəm ki, buna kifayət qədər imkan da, kadr potensialı da var. Düşünürəm ki, belə olarsa, ictimaiyyət hökumətin adından vahid bir məlumatı eşitmiş olar.
Bütövlükdə mən Nazirlər Kabinetinin fəaliyyətini müsbət qiymətləndirirəm və hesab edirəm ki, 2007-ci ildə çox işlər görülmüşdür. Ən başlıcası isə ondan ibarətdir ki, bu il görülmüş işlər növbəti illərdə həyata keçiriləcək işlərdən ötrü çox möhkəm bir bünövrə yaratmışdır. Amma, eyni zamanda, bir fikri də vurğulamaq istəyirəm. Hamılıqla qəbul olunur ki, Azərbaycan özünün iqtisadi inkişaf səviyyəsinə görə regionda liderdir. Sadaladığım bu məsələlər və xüsusən də son dövrlərdə qonşu respublikalarda baş verən siyasi proseslər həm də onu sübut elədi ki, cənab Prezident tamamilə haqlı olub. Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirilir. İndi Azərbaycan yalnız iqtisadi göstəricilərə görə yox, həm də həyata keçirdiyi siyasi və demokratik islahatlara görə də regionda lider dövlətdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundovanın sualı var. Buyurun.
E. Axundova. Baş nazirə bir sualım var. Keçən ilin yazında, düz bir il bundan qabaq biz bir qanun qəbul eləmişik. Bu, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanundur. Keçən ilin yayında qanun qəzetlərdə çap olunub, Prezidentin də fərmanı olub. Bu fərmanda Nazirlər Kabinetinə həvalə olunmuşdu ki, keçmiş məhbuslar üçün sosial reabilitasiya mərkəzlərinin yaradılması ilə bağlı maliyyə məsələləri işlənilsin və Prezidentə təqdim edilsin. Bu barədə mənə tez-tez müraciətlər olur, çünki o qanunu Milli Məclisə mən təqdim eləmişdim. Həm ictimaiyyət, həm də kütləvi informasiya vasitələrinin nümayəndələri məndən soruşurlar ki, bu qanunun icrasında nə kimi yeniliklər vardır? Məsələn, soruşmaq istərdim ki, azadlığa çıxan şəxslərlə iş üzrə xüsusi qurum yaradılıbmı? Sosial reabilitasiya mərkəzlərinin regionlarda yaradılması üçün maliyyə imkanları tapılıbmı? Ümumiyyətlə, bu qanunun icrası nə yerdədir? Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydındır. Aydın Mirzəzadə, buyurun.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə, hörmətli cənab Baş naziri səlis və dolğun Azərbaycan dilində hökumətin hesabatını hərtərəfli əhatə etdiyinə görə təşəkkür edirəm. Bu bizim əvvəldən tanış olduğumuz hesabat haqqında təəssüratlarımızı daha da genişləndirdi. Qeyd edim ki, hökumətin hesabatı hər il Azərbaycan ictimaiyyətinin böyük diqqətini cəlb edir. Bunu hakimiyyətin bir qolunun – icra hakimiyyətinin qanunvericilik hakimiyyəti qarşısında hesabatı da adlandırmaq olar. Bəzi ölkələrdə dövlət başçısının parlament qarşısında illik məruzəsi dinlənilir. Amma Azərbaycan Respublikasında ondan daha mütərəqqisi, yəni ümumən, hökumətin Milli Məclis qarşısında hesabatı tətbiq edilir. Bu baxımdan mütərəqqidir ki, hökumət üzvlərinin hamısının burada iştirak etməsi bizim qaldırdığımız sualları sonradan onların cavablandırmasına və görüləcək işlər barəsində həm fikir mübadiləsinə, həm də onların gələcəkdə həllinə şərait yaradır.
Qeyd etmək istəyirəm ki, ümumiyyətlə, hökumətin hesabatını xüsusi müzakirə etməyə ehtiyac yoxdur. Həm dövlət başçısının, həm də hökumətin fəaliyyəti kifayət qədər şəffafdır. Görülən işlər barəsində vaxtaşırı ictimaiyyətə, kütləvi informasiya vasitələrinə verilən məlumat hökumətin gördüyü işlər və onun perspektivliyi barəsində təkcə Milli Məclis üzvlərində deyil, cəmiyyətin hər bir üzvündə tam təəssürat yaradır.
Hökumətin fəaliyyətini bir neçə kateqoriya ilə müəyyən etmək olar. Bunların birincisi əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Opponentlərimizin əsassız tənqidlərinə baxmayaraq, həm 2003-cü ildən, yəni möhtərəm Prezidentimiz cənab İlham Əliyevin prezident seçildiyi dövrdən bəri, həm də ötən il ərzində əhalinin sosial vəziyyətinin yaxşılaşdığını qeyd edə bilərik. Bu, birinci növbədə sosial cəhətdən az müdafiə olunan təbəqənin sosial müdafiə sisteminin təkmilləşdirilməsi, minimum əmək haqqının, minimum pensiyaların artırılması, ünvanlı sosial yardımla əhatə edilən təbəqələrin dairəsinin genişləndirilməsi və eyni zamanda, yeni iş yerlərinin yaradılması ilə bağlıdır. Vaxtaşırı Azərbaycanda yoxsulluğun səviyyəsinin aşağı düşməsi ilə bağlı statistik rəqəmlər dərc edilir və mən qeyd edim ki, bu rəqəmlər heç zaman əhalidə və hətta ən sərt opponentlərdə belə şübhə doğurmur. Çünki yaradılan yeni iş yerləri, əhalinin durmadan artan sosial vəziyyəti, həqiqətən də, yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü bir daha sübut edir.
Təəssüf ki, bəzən opponentlərimiz Azərbaycanda 600 mindən çox iş yerinin yaradılmasını şübhə altına alırlar. Bunun üçün uzağa getmək lazım deyil. Kimin şübhəsi varsa, deputat seçildiyi dairədə yerli icra hakimiyyəti orqanına gedə və hər rübdə tərtib edilən yeni iş yerlərinin və müəssisələrin sayını götürə bilər. Eyni zamanda, əgər vicdanı ona icazə verərsə, öz regionunda açılan yeni sexlərin, emal müəssisələrinin, ticarət və xidmət sahələrinin, elektrik enerjisi istehsalı müəssisələrinin sayına görə onda iş yerləri haqqında təəssürat yarana bilər.
Kimsə öz rayonunda hələ də təmir edilməyən körpüyə görə Azərbaycanda gedən sosial-iqtisadi inkişafa qiymət verməyə çalışır. Yadda saxlamaq lazımdır ki, biz Sovet hakimiyyəti dövründə yaşamırıq ki, hər yerdə eyni vaxtda azacıq dəyişikliklər edilsin. Bu, konkret heç kəsin, ümumiyyətlə isə ölkənin inkişafına təsir etmir. Ayrı-ayrı regionlarda sosial-iqtisadi inkişaf getdiyinə görə bu gün bərpası yarımçıq qalmış körpünün sabah bərpa ediləcəyinə heç kəsin şübhəsi olmasın. Mən açığını deyim. Şübhə edirəm ki, körpü təmir ediləndən, yol çəkiləndən sonra həmin rayondan seçilmiş deputat parlament qarşısında görülmüş işlərə görə ölkə başçısına və ya icra strukturlarına təşəkkürünü bildirsin.
Müxalifətin iki gün bundan əvvəl keçirilən bir toplantısında müxalifət liderlərindən biri bir tədqiqat mərkəzinin rəhbərinə irad bildirdi ki, siz nahaq yerə ölkədə quraşdırılan sayğacları sayırsınız. İş burasındadır ki, hökumət sayğac problemini həll edəcək, ondan sonra isə bizim hökuməti tənqid etməyə heç bir meyarımız qalmayacaq. Yəni bu gün müxalifətin Azərbaycan hökumətinin fəaliyyətinə yanaşma meyarı bundan ibarətdir. Mifik şəkildə hansısa bir uydurma problem yaradırlar və həmin problem ətrafında hökumətin fəaliyyətinə kölgə salmağa çalışırlar. Əgər bu gün Azərbaycanda bankların, onların filiallarının sayı və həmin banklarda əhalinin əmanətlərinin həcmi durmadan artırsa, Azərbaycana gətirilən avtomobillərin və Azərbaycanda hər il inşa edilən yaşayış evlərinin sayı artırsa, bu, şübhəsiz ki, görülən işlərdir və ilk növbədə, hökumətin gördüyü işlərdir.
Mənim deputat həmkarım Pənah Hüseyn burada hökumətin istefasını tələb etdi. Açığını deyim, kifayət qədər bəsit bir siyasi gedişdir. O vaxt hökumətin istefasını tələb edərlər ki, hökumət ya nüfuzdan düşsün, ya da hökumətin fəaliyyəti ölkədə hər hansı bir müsbət dəyişikliyə gətirib çıxarmasın. Mənim deputat həmkarlarım kifayət qədər arqumentli cavablar verdilər ki, hökumətin gördüyü işlər bu gün yaxşı bir “sağ ol” kəlməsinə layiqdir, nəinki onun istefasına.
Deputat həmkarım Pənah Hüseyn maraqlı bir açıqlama ilə çıxış etdi. O bildirdi ki, hökumət istefaya getməlidir və hökumət YAP-dan olan mütəxəssislərlə yenidən təşkil olunmalıdır. Bununla da o, seçki ərəfəsində bu gün müxalifətdə ölkəni idarə etmək qabiliyyətində olan kadrların olmadığını bir daha etiraf etdi. Belədə isə bunların tənqidinin, şübhəsiz ki, hər hansı bir əsası yoxdur və siyasi populizmdən başqa bir şey adlandırıla bilməz.
Ümumiyyətlə, mən hökumətin fəaliyyətini qənaətbəxş hesab edirəm və düşünürəm ki, hökumətin bugünkü hesabatı cənab Prezidentimizin hesabatıdır. Bu, dörd il yarımda Prezidentin cəmiyyət qarşısında verdiyi hesabatdır. Bu hesabat göstərir ki, xalq öz seçimində yanılmayıb. Builki Prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədi olacaq indiki Prezident cənab İlham Əliyevin qələbə qazanacağına heç bir şübhə ola bilməz. Açılan hər bir yeni iş yeri, artırılan pensiya və müavinətlər, artan əmək haqları və eyni zamanda, əhalinin sosial vəziyyətinin yaxşılaşması istiqamətində atılan addımlar ona səs verəcək insanların sayının durmadan artmasına səbəb olur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Müzakirələri davam edirik. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli Baş nazir, hökumət üzvləri və mətbuat nümayəndələri! Bu gün hökumət rəhbərinin təqdim etdiyi illik hesabatın müzakirəsi ilə bağlı məndən öncə çıxış edən həmkarlarım seçildikləri dairələr, yaşadıqları şəhərlər haqqında fikirlərini səsləndirdilər. Millət vəkilləri içərisində söz alıb yeganə tənqidi fikirlər söyləyən Pənah Hüseyn oldu. Bundan sonra bütün çıxışların hökumətin hesabatı yox, Pənah Hüseynin dediyi fikirlər üzərində qurulması təəssüf doğurur. Mən çox istərdim ki, çıxış edən həmkarlarım hesabatda göstərilən müsbət tendensiyaları qeyd etməklə, yaşadıqları və seçildikləri ərazilərdə insan amilinə olan münasibət, onların yaşayış vəziyyəti, gündəlik rastlaşdıqları problemlər haqqında fikirlərini əsaslandıraydılar. Bu, daha məqsədəuyğun olardı.
Hörmətli Baş nazir hesabatın sonunda səsləndirdi ki, iqtisadi artım bu ilin növbəti Prezident seçkilərində də İlham Əliyevin seçiləcəyini göstərir. Bu gün bizim tənqidi fikirlər səsləndirməyimizə yer qoymayan iqtisadi islahatlar aparılsaydı, əlbəttə, xalqımız, iqtisadi artımdan bəhrələnən insanlar, sözün əsl mənasında, yenidən hakimiyyətə səs verərdilər. Pənah Hüseynin qəbul olunan dövlət proqramlarına uyğun təkcə Sabirabadın timsalında işlərin necə yerinə yetirilməsi barədə səslənən fikirlərini eşidəndən və bu faktların, eyni zamanda, bütün rayonlarla bağlı olduğunu nəzərə alandan sonra, hesab edirəm ki, Artur müəllimin kabineti – hökumət üzvləri istefaya getməlidirlər. Ən azı bunu nəzərə alıb, heç olmasa, qarşıdakı 7–8 ay ərzində hökumət qəbul olunmuş proqramların həyata keçirilməsi istiqamətində görüləcək işlərin daha da irəli getməsi, yarımçıq qalmış işlərin icra olunması üçün müəyyən tədbirlər həyata keçirsinlər.
Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Mən seçildiyim Sumqayıt şəhərindəki vəziyyət barədə danışsam, bəlkə də daha acınacaqlı bir mənzərə üzə çıxacaq. Beynəlxalq bir təşkilat tərəfindən dünyanın ən çirkli 10 şəhəri içərisində Sumqayıtın adının çəkilməsi məsələsi böyük bir rezonans doğurdu. Hörmətli hökumət, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sumqayıt şəhərinin idarə və müəssisə rəhbərləri bu istiqamətdə işlər görmək əvəzinə hesabatda Sumqayıtın birinci yer almasını ötən əsrin 90-cı illərindən qalmış faktlarla pərdələməyə çalışdılar. Bu gün hökumətin hesabatında qeyd olundu ki, Sumqayıt Alüminium Açıq Tipli Səhmdar Cəmiyyəti ildə 60 min ton alüminium istehsal edir. Mən sizə deyirəm, gedin, komissiya yaradın, görün, 60 min ton alüminium istehsal edən müəssisədə bircə dənə qaztəmizləyici qurğu quraşdırılıbmı? Orada çalışan minlərlə insanın həyatı, sağlamlığı bahasına istehsal olunan məhsuldan gələn gəlirlər hara gedir?
Mən burada bir neçə dəfə istəməmişəm ki, həmkarlarım haqqında fikirlər səsləndirim. Bir dəfə hörmətli Əli Əhmədovun adını çəkdim, özü barədə yox, qardaşının Nazirlər Kabinetinin təmirində iştirakı ilə bağlı sözümü dedim. Sonra bildim ki, o da bu məsələdə tamamilə heç bir rol oynamır. Mənim həmkarım, Sumqayıtdan seçilən millət vəkili Məcid Kərimov Kimya şirkətinin prezidentidir. O şirkətdə işləyən bir nəfər insan da onun qəbuluna düşə, dərdini deyə bilmir. Sumqayıtın kimya sənayesi məhsulları istehsalına dair müxtəlif rəqəmlər deyə bilərəm. Məhsuldarlıq 30, 36 faiz aşağı düşüb. Keçən il, yadınızdadır, mən burada məsələ qaldırdım. Kimya şirkətinin müəssisələri iki ay idi işləmirdi. Mən, hörmətli Yaqub müəllim Sumqayıtda bu məsələnin müzakirəsində iştirak etdik. Ondan sonra Nazirlər Kabineti ölkə başçısının iştirakı ilə bu məsələni müzakirə etdi. Sənaye müəssisələrində olan enerji daşıyıcılarının qiymətlərinin qaldırılmaması barədə qərarlar qəbul olundu. Buna baxmayaraq, bu gün Sumqayıtda işləyən fəhlə 150 manat əmək haqqı alır. Rəqəmləri şişirtmək və demək asandır, ancaq bunu kimin üçün edirik? Öz vətəndaşlarımız, millətimiz, xalqımız hakimiyyətdə olanlar hakimiyyətlərinin uzunömürlü olması üçün edirlərsə, gəlin, onda, heç olmasa, həqiqəti deyək.
Nəhayət, bir neçə digər məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Təhsil sahəsində inkişafa aid bəzi faktlarla tamamilə razıyam. Məsələn, Sumqayıtda tikilən tədris korpuslarını müsbət işlər cərgəsində qeyd etmək lazımdır. Ancaq Milli Məclisdə müxalifət varsa, onun dediyi fikirləri gözdən salmaq yox, onların həqiqət olub-olmamasını qeyd edib, o istiqamətdə işi daha da irəli aparmaq, fəaliyyət göstərmək üçün çalışmaq lazımdır.
Qeyd olundu ki, pensiyalar artıb, minimum pensiya 60 manata çatdırılıb. Hörmətli Artur müəllim, hörmətli həmkarlarım! Mən bunu ikinci dəfədir deyirəm. Gəlin, 60 manatı bizim, ya sizin hər birinizin valideyninə verək və görək həmin məbləğlə yaşamaq, minimum yaşayışı təmin etmək mümkündürmü? Biz yaşlı insanlardan, xəstə insanlardan, 30 il sənayedə, istehsal müəssisələrində işləyən insanlardan necə tələb edək və onlara necə izah edək ki, sən 60 manatla yaşamalısan. Bunu artırmağa imkan var axı.
Burada, çox güman ki, məndən sonrakı çıxışlarda kənd təsərrüfatı barədə fikirlər səsləndiriləcək. Mən də kənd rayonundan olduğuma görə qeyd etmək istəyirəm ki, hərdən rayona gedəndə insanların kənd təsərrüfatı məhsullarının istehsal edilməsi ilə bağlı qarşılaşdıqları problemlər barədə çox eşidirəm. İnanıram ki, hökumət də bunları bilir. Arzu edərdim ki, hökumət bu istiqamətdə ciddi addımlar atsın. Bu, kənd təsərrüfatı məhsulları istehsal edənlərin xahişidir. Məhkəmə qərarlarının icrası ilə bağlı hörmətli Baş nazir ötəri bir cümlə işlətdi. Kim isə Əli İnsanov kimi həbs olunur, türməyə düşür. Bundan sonra televiziya ekranlarını açırsan, görürsən ki, işdən qanunsuz qovulan insanlar çıxıb televiziya kanallarında danışırlar ki, filan nazir cinayətkar olub.
Mənim hörmətli həmkarım Məcid Kərimov iki ildir insanları məhkəmələrdə süründürür, Ali Məhkəmənin qərarını icra etmir. Mən şəxsən həmkar kimi ona yaxınlaşdım, dedim ki, Məcid müəllim, xahiş edirəm, o insanları qəbul edin, onları dinləyin və ondan sonra oğru olmaları haqqında bir qənaətə gəlin. Ali Məhkəmə qərar verib, ancaq o, həmin insanları işə bərpa etmir, deyir ki, onlar oğrudurlar. Oğurluğu edənlər isə, – 2–3 milyon ABŞ dollarının oğurlanmasından söhbət gedir, – bu gün də Məcid Kərimovun ətrafındadır, onun yanında işləyirlər. İnsanlara belə münasibət yaramaz. İşdən qovulan insanlardan biri 10 ildir 2 valideynsiz uşağı götürüb onlara atalıq edir. İndi bu şəxsi heç kim eşitmək istəmir. O, tək deyil. Belələrinin sayı bir nəfər, on nəfər, yüz nəfər deyil, çoxdur. Bu insanların hər birinin gəlib burada mikrofondan danışmaq, millət vəkillərinə müraciət etmək imkanları da yoxdur.
Mən xahiş edirəm, dediyim fikirləri səmimi qəbul edin. Bunlar müxalif fikirlər kimi də səslənməsin. Sumqayıt iri sənaye şəhərlərindən biridir. Orada Kimya şirkəti, digər müəssisələr fəaliyyət göstərir. Mən dediyim fikirlərin hamısının arxasında dayanır və Artur müəllim, bununla bağlı, xüsusilə Kimya şirkətinin rəhbərliyi barədə, xahiş edirəm, tədbir görülsün. On min nəfər insan bu gün Məcid Kərimovun fəaliyyətinə görə bu hakimiyyətdən, onun hökumətindən narazıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çıxışın əvvəlində bir söz işlətdin ki, görülən işləri də demək lazımdır, amma deməyə dilin gəlmədi. Deyirsən ki, Sumqayıtda 100–150 manat əmək haqqı alırlar, amma demədin ki, orada 400–500 manat orta əmək haqqı verən iri müəssisələr də var. Ağı deyəndə, qarasını da deyək. Yaxşımı? Buyurun, Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir! Hörmətli millət vəkilləri, hökumət üzvləri və parlamentin işini işıqlandıracaq mətbuat nümayəndələri! Biz hökumətin hesabatı ilə tanış olmuşuq. Hesabat xeyli əvvəl paylanmışdı.
Ədalət naminə qeyd etmək lazımdır ki, hesabatın tərtib olunması forması, əhatə dairəsi, görülən işlərin təqdimatı ilə bağlı məsələlər yetərincə yüksək səviyyədədir. Hesabatda 2007-ci il ərzində Azərbaycan iqtisadiyyatında, sosial həyatında baş verən müsbət dəyişikliklər öz əksini tapıbdır. 2007-ci ilin hesabatından aydın olur ki, ümumi daxili məhsulun həcmindəki artımla, ötən il hökumətin işində qeyd olunan müəyyən neqativ meyillərin düzəlməsi istiqamətində bir sıra addımlar atılıbdır. O cümlədən mədəniyyət, təhsil, xüsusilə təhsil müəssisələrinin yenidən qurulması sahəsində bir sıra yeniliklər, müsbət irəliləyişlər baş veribdir və bütün bunları da hökumətin müsbət işi kimi qeyd etmək lazımdır.
Neft sənayesində və ümumilikdə, neftin ölkənin iqtisadiyyatında yeri ilə bağlı təkcə Azərbaycanda deyil, dünyada baş verən tendensiyalar da hökumətin hesabatında öz əksini tapıbdır. Əlbəttə, bu hesabatda müsbət məqamlar çoxdur. Bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafı ötən 2006-cı illə müqayisədə irəliyə doğru bir addımdır. Müsbəti müsbət kimi qiymətləndirmək lazımdır, amma bizi narahat edən müəyyən məqamlar var, eyni zamanda, onları da səsləndirəcəyik. Səsləndirməyimizin məqsədi ondan ibarət deyil ki, hökumətin fəaliyyətinə kölgə salaq. Məqsədimiz ondan ibarətdir ki, bizim nöqsanları qeyd etməyimiz, əgər obyektiv əsasları varsa, hökumətin qarşıdakı fəaliyyətinə müsbət təsir göstərsin və həmin nöqsanlar aradan qaldırılsın. Mən bir az qeyri-adekvat bir sahədən başlamaq istəyirəm.
İlk növbədə, məni çox narahat edən bir məsələ var. Hesabatda da öz əksini tapan o məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu da İçəri şəhərdə yaranmış bir vəziyyətlə bağlıdır. 2006-cı ildə İçəri şəhərin idarəçiliyi Nazirlər Kabinetinə veriləndə, biz bundan sevindik. Fikirləşdik ki, nəhayət, İçəri şəhər ölkədə ən yüksək instansiyaya verilir və tarixi abidələr şəhərciyində baş verən neqativ halların qarşısı alınacaqdır. Təəssüf ki, 2007-ci il ərzində, cənab Baş nazir, İçəri şəhərdə irili-xırdalı 30 bina sökülübdür. İçəri şəhər təkcə Azərbaycan qanunları ilə deyil, eyni zamanda, YUNESKO-nun qanun və konvensiyası əsasında qorunur. Bu, Azərbaycan mədəniyyətinə vurulmuş çox böyük zərbədir. Ümidvaram ki, Siz də hər dəfə işə gedib-gələndə, İçəri şəhərdəki mənzərəni görürsünüz. Qanun ağır texnikanın belə bir memarlıq kompleksində işləməsini qadağan edir. Amma təəssüf ki, bu gün həmin texnika İçəri şəhərdə işləyir, onun həndəvərində əli avtomatlı mühafizə dəstələri dayanıb və heç kəsi yaxına buraxmır. Buraya dair belə bir qayda-qanun var ki, arxeoloji tədqiqatlar aparılandan sonra o işlər davam etdirilməlidir. Şübhəsiz ki, buna da riayət olunmur.
İkinci, məni narahat edən bir məsələ 2007-ci ildə Bakı şəhərində kitabxana şəbəkəsinin, yaxud da ki, kitab dükanlarının sayının azalması ilə bağlıdır. Bir vaxtlar Bakıda 74 kitab mağazası fəaliyyət göstərirdi. Bu gün 4 kitab mağazası fəaliyyət göstərir. Əgər kitab satışı yerlərinin kvadratmetri nə qədər azalıbsa, adekvat olaraq bizim mütaliəmiz də bir o qədər aşağı düşübdür.
Mən inflyasiya ilə bağlı cəmiyyəti narahat edən bir məsələyə də toxunmaq istəyirəm. Digər sahələrin geniş təhlili verildiyi halda, inflyasiyanı doğuran səbəblərin, bunun xarici və daxili, subyektiv və obyektiv amillərinin təhlili hesabatda öz əksini tapmamışdır. Hökumətin hesabatında göstərilir ki, bu, 16,7 faizdir. Hətta biz qəbul etsək ki, bu qədərdir və bu, böyük rəqəmdir, MDB məkanında Tacikistandan sonra ən yüksək göstəricidir, onda təhlili verilməli idi. Bunun neçə bəndinin xarici, neçə bəndinin daxili amildən asılı olduğu burada göstərilməli idi.
Qiymət artımı, yəni Tarif Şurasının fəaliyyəti ilə bağlı məsələyə toxunmaq istəyirəm. Əhalinin geniş təbəqəsi qiymət artımından böyük əziyyət çəkir. Mən deyərdim ki, qiymət artımını stimullaşdıran bir amil o oldu ki, 2007-ci il yanvarın 6-da enerji daşıyıcılarının, neft məhsullarının qiymətləri qalxdı. Azərbaycanın 2007-ci il üçün büdcəsi qəbul olunduqdan az sonra, yəni ayın 17-də büdcə təsdiq olundu, 6-da isə qiymət artımları baş verdi. Əslində, bu, büdcənin işləməsini iflic vəziyyətə saldı. Halbuki bu gün Azərbaycan bazarında qiyməti, bahalaşmanı stimullaşdıran ən mühüm amillərdən biri həmin qanundur.
Bəzən bizim hökumətin üzvləri mətbuatda, kütləvi informasiya vasitələrində çıxış edirlər. Onlardan soruşurlar ki, qiymət artıb, deyirlər ki, bizdə belə bir məlumat yoxdur. Bu məlumatı mən verirəm. Ötən ilin bu vaxtında kərə yağının pərakəndə satış qiyməti 2 manat 60 qəpiklə 3 manat arasında idi. İndi bu qiymət 7 manatla 8 manat arasındadır. Bunu görməmək mümkün deyil.
Bunun səbəbləri nə ilə bağlıdır? Hökumət bütün bu məsələlərə öz fəaliyyətində aydınlıq gətirməli idi. Əgər bu, dünya bazarı ilə bağlıdırsa, dünya bazarında kərə yağının qiyməti bu qədər artmayıb. Burada daxili amillər rol oynayır, yəni inhisarlaşma var. İnhisarlaşma gətirib ona çıxarıb ki, bu gün Tümendə bananın bir kiloqramının qiyməti Azərbaycan manatı ilə 1 manat, 1 manat 20 qəpikdir, Azərbaycanda isə 3 manat və ondan yuxarıdır. Hesab edirəm ki, hökumət gələcək fəaliyyətində bunu nəzərə almalıdır.
Bizi narahat edən ciddi məsələlərdən biri 2007-ci ildə Bakı şəhərinin dünyanın ən çirkli şəhəri kimi qeydə alınmasıdır. Biz hamımız bu şəhərdə yaşayırıq. Bizim tanıdığımız adamlar, o cümlədən hökumət üzvləri də bu şəhərdə yaşayırlar. Bu, çox ciddi bir faktdır, hökumət bununla maraqlanmalıdır ki, niyə Bakı şəhərində belə bir vəziyyət yaranıb. Şübhəsiz ki, bunun məntiqi nəticəsidir ki, – hörmətli səhiyyə nazirinin burada iştirak etməsindən istifadə edərək bunu demək istəyirəm, – Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə vərəmli xəstələrin sayı etibarilə Azərbaycan dünyada əvvəlinci yerlərə çıxıb. Bunun səbəbləri də, eyni zamanda, hesabatda təqdim edilməli idi. Bu nə ilə bağlıdır? Şübhəsiz ki, buna səbəb daxili bazarın qorunmaması, qidanın çatışmazlığı, istilik sisteminin olmaması, dərman preparatlarının tərkibinin keyfiyyətli olmaması və digər məsələlərdir.
Əmanətlərin qaytarılması ilə bağlı. Cənab Baş nazir, cənab Sədr! Biz addımbaşı vətəndaşların bu müraciətləri ilə qarşılaşmış oluruq. İkinizin də öz nüfuzunuzdan istifadə edib bunun qaytarılmasına kömək göstərməyinizi istərdik.
Sosial yardım və müavinətlərlə bağlı qeyd olundu ki, bu vəsaiti 75 min ailə alıb. Hökumətin hesabatında göstərilir ki, yoxsulluğun səviyyəsi 16 faizdir. 16 faiz yoxsul 1 milyon əhali deməkdir. Belə olan halda yoxsulların qalan hissəsi niyə müavinət almır? Bu gün I qrup əlilə 35 manat sosial müavinət verilir. Bu, ciddi məsələdir, xahiş edirəm, hökumət bununla da məşğul olsun.
Əlbəttə, bizim deyəcəyimiz tənqidi qeydlər çoxdur. Ümid edirəm ki, digər çıxışlarda həmin məsələlərə dair fikirlər səsləndiriləcək. Bütün bu tənqidi qeydlərə baxmayaraq, mən hökumətin hesabatının lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Görürəm ki, Rafael Cəbrayılov da yazılıb. Siyahı məndə var, qalan sualları axırda verərik. İndi çıxışlara davam edək. Astan Şahverdiyev.
A. Şahverdiyev. Sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Bu gün bizə təqdim olunan Nazirlər Kabinetinin hesabatı, mən hesab edirəm ki, mükəmməl bir sənəddir. Bunu məndən əvvəl hörmətli Cəmil müəllim də qeyd elədi. Əvvəlki illərə nisbətən həm məzmun, həm quruluş, həm də tərtibat cəhətdən daha üstündür.
Hesabat Azərbaycan hökumətinin 2007-ci ildə gördüyü və görə biləcəyi işləri, cəmiyyətin, dövlətin ayrı-ayrı sahələrini əhatə edir. Burada makroiqtisadi göstəricilər, istehsal, xidmət, sosial və digər sahələr, xarici-iqtisadi əlaqələr, dövlət müdafiə tədbirləri, ictimai asayişin qorunması ilə bağlı görülən müsbət işlər, pozitiv hallar hamısı göz qabağındadır. Bu və ya digər sahələrdə hökumətin bir ildə gördüyü işlərə kölgə salmağı ən azı insafsızlıq hesab edirəm.
Mən diqqətinizi təmsil etdiyim, yəni məcburi köçkünlərin, qaçqınların məskunlaşdıqları bölgədə onların həyat səviyyəsinin yaxşılaşması, sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə yönəltmək istəyirəm. Mənim yadıma 2003-cü il oktyabr ayının 1-də Biləsuvar rayonunda məcburi köçkün kimi müvəqqəti məskunlaşmış cəbrayıllılarla o vaxt prezidentliyə namizəd olan cənab İlham Əliyevin görüşü və orada dediyi sözlər düşür. O, cəbrayıllılar qarşısında söz vermişdi ki, mən prezident seçiləcəyim halda növbəti beşillikdə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Çadır şəhərciklərinin ləğvinin əsası hələ ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonradan möhtərəm Prezidentimiz İlham Əliyev də bu kursu müvəffəqiyyətlə davam etdirdi. O, buna əgər beş il müddətinə söz vermişdisə, verilən söz 4 ildə, vaxtından 1 il əvvəl yerinə yetirilmişdir.
Bilirsiniz ki, məcburi köçkün və qaçqınların sosial müdafiəsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması Azərbaycanın başlıca problemlərindən, ən prioritet sahələrindən biridir. Bu gün artıq Azərbaycan cəmiyyəti qarşısında dövlətin bir problemi qalıb. O da Qarabağ torpaqlarının azad edilməsi. 2008-ci il Prezident seçkiləri ilidir. Mən ümidvaram ki, cənab Prezident seçiciləri, xüsusən qarabağlılar qarşısında çıxış edərkən vəd verəcəkdir ki, növbəti 5 ildə onlar doğma torpaqlarına qaytarılacaqlar. Bütün, o cümlədən təmsil olunduğum rayonun məcburi köçkünləri də inanırlar ki, bu problem vaxtından əvvəl yerinə yetiriləcək, ona görə də əvvəlcədən cəbrayıllılar adından cənab Prezidentə minnətdarlığımı bildirirəm.
Hökumət, bilirsiniz ki, cənab Prezidentin rəhbərliyi altında çalışır və hiss olunur ki, bütün problemlər yavaş-yavaş öz həllini tapır. Burada bəzi həmkarlarım bahalaşmadan, inflyasiyadan söhbət açdılar. Azərbaycan dövləti də dünya ölkələri sisteminə inteqrasiya eləmiş bir ölkədir. Əlbəttə, dünyanın aparıcı ölkələrində də bu gün inflyasiya, ərzaq çatışmazlığı baş verir, enerji çatışmazlığı təhlükəsi hiss olunur. Bu cəhətdən, yəni ərzaq, enerji təhlükəsizliyi baxımından Azərbaycan praktiki olaraq öz problemlərini həll eləmişdir. Qeyd etmək istəyirəm ki, burada Artur müəllimin iş fəaliyyəti ilə bağlı xoşagəlməyən sözlər də deyildi və mən o sözləri təkrar eləmək istəmirəm. Mən Artur müəllimi qiyabi də olsa, tanıyır və bilirəm ki, o, əmək fəaliyyətinə mühəndis kimi başlayıb, uzun müddət, istər sovet hakimiyyəti, istərsə də ondan sonrakı dövrdə mühüm dövlət vəzifələrində çalışıb və həmişə öz vəzifəsinin öhdəsindən tamamilə yüksək səviyyədə gəlibdir. Hətta inkişaf eləmiş ölkələrlə müqayisədə də Artur müəllimin fəaliyyəti göz qabağındadır.
Başqa bir neçə məsələyə də toxunmaq istəyirəm. Dünyada sənayeləşmə epoxası təxminən XIX əsrin ortalarından başlayıb, hələ çar Rusiyası dövründə Azərbaycan da xüsusilə neft sənayesində və neft emalına xidmət edən sahələrdə öz sənayesini qura bilmişdi. 90-cı illərin əvvəlində SSRİ-nin dağılması ilə əlaqədar olaraq sənayedə də çoxmiqyaslı tənəzzül nəzərə çarpırdı. Son illərdə özünüz də görürsünüz, kütləvi informasiya vasitələrindən xəbər tutursunuz ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni zavodların bünövrələri qoyulur. Gələcəkdə bu zavodların əksəriyyətini ağır sənayeyə aid etmək olar. Yüngül, yeyinti sənayesinin də bir növ yenidən qurulması nəzərə çarpır. Bu da sübut edir ki, Azərbaycanda yeni sənayeləşmə epoxası məhz İlham Əliyevin başçılığı altında başlayır. Burada bəzi məsələlər də var, əlbəttə, biz ona tənqidi yanaşmalıyıq. Mən bilirəm ki, ideal heç nə olmadığı kimi, ideal hökumət, ideal quruluş da yoxdur. Ola bilsin ki, Nazirlər Kabineti nəhəng bir gəmiyə bənzəyir. Bu gəmiyə həm sağdan, həm də soldan hücumlar olur. Amma gəmi böyük dəryada öz üzməyini davam edir. Ola bilsin ki, müəyyən sahələrdən, həqiqətən də, şikayətlər var. Məcburi köçkünlər içərisində də, yerli əhali arasında da bunlara rast gəlirik. Bəzi hallarda görürsünüz ki, deputat sorğusuna da hər hansı bir məmurun günahı üzündən aylarla cavab gəlmir, halbuki qanunvericiliyə görə vətəndaşın şikayətinə 15 gün müddətində cavab verilməlidir. Mən burada ad çəkmək istəmirəm.
Oqtay müəllim, bir daha dediklərimi nəzərə alaraq mən Azərbaycan hökumətinin hesabatını pozitiv qiymətləndirir və onun bəyənilməsini təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və mətbuat nümayəndələri! Baş nazirin hesabatında biz 2007-ci ildə Azərbaycanda gedən iqtisadi proseslərlə tanış olduq.
Ümumi daxili məhsulun 25 faiz artaraq 25 milyarda çatması, daxili investisiyanın xarici investisiyanı 20 faiz üstələməsi, yəni 60 faizə çatması, əlavə dəyər vergisi ilə əlaqədar Milli Məclisdə bizim qəbul etdiyimiz dəyişikliklər, depozit sisteminin yaradılması, o cümlədən vahid pəncərə sisteminin tətbiqi və sair bu kimi işlər Azərbaycan hökumətinin gördüyü müsbət addımlardır.
Maliyyə bazarında qiymətli kağızlarla əlaqədar olaraq istiqraz vərəqələrinin dövriyyəyə buraxılması, pul və istiqraz siyasətinin koordinə edilməsi, sterilizasiya effekti kimi valyuta bazarında təzyiqi yumşaltmaq üçün kapitalın ölkədən çıxarılması rejiminin leqallaşdırılması, Milli Bank tərəfindən faizlərin 9,5 faizdən 13 faizə qaldırılması, əlavə bazara 2 milyarda yaxın ABŞ dollarının sterilizasiya üçün buraxılması və sair tədbirlər müsbət səmərə vermişdir. Bununla əlaqədar olaraq mən hesab edirəm ki, müsbət səmərə verən işlər bir sıra maneələri aradan qaldırmamışdır. Milli Bank, ümumiyyətlə, bununla kifayətlənməməli, bütün bunların qarşısını almaq üçün əlavə tədbirlər kimi əhalinin artan gəlirlərinin yığıma meyillənməsini təşkil etməlidir.
Kommersiya banklarının məcburi ehtiyat normaları artırılmalıdır. Qeyri-nağd hesablaşmalara görə bu gün Azərbaycan da çox yüksək faiz verir. Milli valyutanın xüsusi çəkisinin artırılmasına nail olmalı, eyni zamanda, inflyasiyanı yaradan izafı pul kütləsinin ixracı tamamilə yox, müvəqqəti surətdə leqallaşdırılmalıdır.
İki ildir ki, Milli Məclisdə hökumətin hesabatını dinləyəndə bir neçə məsələyə toxunmuşuq. Onlardan biri də Azərbaycanda investisiya layihələrinə nəzarəti gücləndirməkdən ibarətdir. Yəni şəffaflığı təmin eləmək, maliyyə nəzarətini gücləndirmək üçün bununla əlaqədar xüsusi qanunun qəbul edilməsini tələb etmişik. Hər dəfə də bizə söz veriblər ki, bu qanun layihəsi hazırlanır. İndiki hesabatda da oxuyuruq ki, belə bir qanun layihəsi hazırlanır, amma Milli Məclisə gəlib çatmır. Artıq beynəlxalq maliyyə qurumları da belə bir qanun layihəsinin qəbul olunması ilə əlaqədar olaraq tövsiyələrini vermişlər. Mən xahiş edərdim ki, Maliyyə nəzarəti haqqında qanun layihəsi tezliklə Milli Məclisə təqdim olunsun, biz onun üzərində işləyək və qəbul edək.
Bütün bu görülən tədbirlərə baxmayaraq, faktiki olaraq rəsmi statistikaya görə Azərbaycanda inflyasiya 17 faiz olmuşdur. Qiymət siyasətində, mən belə hesab edirəm ki, Azərbaycanın daxilində heç bir ciddi dəyişiklik edilməmişdir. Ölkənin iqtisadiyyatını geriyə aparan, sahibkarlığın inkişafına, demək olar ki, mane olan inhisarçı monopoliya sistemi daha da möhkəmlənmişdir. Nəinki yumşalmış, əksinə, inhisarda olmayan bir sıra sahələr də son vaxtlar bəzi məmurların inhisarına verilmişdir.
Qiymət siyasəti ilə əlaqədar bir həftə bundan qabaq belə bir məlumat getdi ki, Azərbaycanda son bir ildə qiymətlər cəmi 15 faiz artmışdır. Hansı 15 faizdən söhbət gedə bilər ki, Azərbaycanda adicə taxılın, unun, eləcə də digər ərzaq məhsullarının qiyməti 2 dəfə, 2,5 dəfə artmışdır.
Sənayenin 75 faizə yaxınını, ixraca nəzər salsaq, onun da 82 faizini neft və neft məhsulları təşkil edir. “Gülüstan” sarayında “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 4 illiyi müzakirə olunarkən cənab Prezident iki məsələyə toxundu və hökumət qarşısında bu məsələləri qoydu: qeyri-neft sektorunun ciddi surətdə inkişafı və ərzaq təhlükəsizliyi. Gəlin, baxaq görək, ötən müddət ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafında hansı irəliləyişlər əmələ gəlib. Yalnız 2008-ci ilin son iki ayında Gəncədə 1 milyon ton polad və 100 min ton alüminium istehsal eləyən iki zavodun bünövrəsi qoyulubdur. Bu fakt onu təsdiq edir ki, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar ciddi addımlar atılmayıb.
İkinci ən ciddi məsələ ərzaq təhlükəsizliyidir. Əgər dövlət, özü də müharibə aparan bir dövlət özünü 80 faiz daxildə istehsal olunan ərzaqla təmin edə bilmirsə, onun üçün həmişə təhlükə var. Baxaq görək, Azərbaycan özünü 80 faiz ərzaqla təmin edirmi? Biz özümüzü adi taxılla təmin edə bilmirik. Dünyanın taxıl bazarında ciddi böhran yaşanır. Bir sıra taxıl ixrac eləyən ölkələrdə də taxıl istehsalı azalıb. Niyə Azərbaycan özünü taxılla təmin eləyə bilmir? Son vaxtlar kənd təsərrüfatına böyük sərmayələr qoyulmaqla əlaqədar məlumatlar alırıq, amma bu sahədə biz ümumi istehsalın artımına ciddi nail ola bilmirik. Artımlar ya 1 faiz, ya 0,5 faiz, ya da 2 faiz olur. Niyə özümüzü ərzaqla təmin etmək barədə düşünmürük? Mən hesab edirəm ki, ərzaq təhlükəsizliyi proqramı işlənib hazırlanmalıdır ki, Azərbaycan dövləti özünü ərzaqla tamamilə təmin etsin.
Əgər torpaq islahatına baxsaq, görərik ki, torpaqların 60 faizi dövlətə məxsusdur. 20–25 faizə yaxını bələdiyyə torpaqlarıdır, hansısa 1,4 milyon hektara yaxın torpaq isə özəlləşdirilib. Baxaq görək, əkin sahələri nə vəziyyətdədir? Özəlləşdirilən torpaqların 1,4 milyon hektarı – 100 min hektarlarla torpaq əkilmir, becərilmir, buna heç bir nəzarət də yoxdur. İnsanlar və bir sıra məmurlar hektarlarla torpaqları alıb saxlayıblar və onlardan istifadə də etmirlər. Mən hesab edirəm ki, bunlar çox ciddi məsələlərdir. Azərbaycan hökuməti bu məsələlər ətrafında işləməlidir. Bir vaxt vardı, Azərbaycan dövlətinin Ümumdünya Ticarət Təşkilatına daxil olmasını, elə hesab edirdik ki, çox tezdir. Amma mən hesab edirəm ki, biz artıq gecikirik, çünki ölkədə gedən proseslər, yəni inhisarçılığın qarşısının alınması, qiymətlərin müəyyən mənada stabil saxlanması, əlbəttə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına müəyyən idxal rüsumlarının səviyyəsini saxlamaqla, müəyyən güzəştlər əldə etməklə daxil olması vacibdir. Azərbaycan dövləti bu sahədə müəyyən işləri görməlidir.
Millət vəkili seçildiyim Quba rayonu ilə əlaqədar bir neçə məsələyə toxunmaq istəyirəm, çünki bu, həm də dövlət əhəmiyyətli məsələdir. Bu ərazidən Samur–Abşeron su kanalı keçir. Bakı şəhərini faktiki olaraq su ilə təmin edən bu qurğu ilə əlaqədar mən rəsmi olaraq keçən ilin iyul ayında cənab Baş nazirə müraciət etmişəm. Həmin kanalın qovşağı olan çaydan o qədər çınqıl daşıyıblar ki, kanalda sızmalar başlayıb. O kanal istənilən vaxt partlaya bilər. Cənab Baş nazirin ora göndərdiyi komissiyanın müəyyən etdiyi nəticə hələlik bizə elan olunmayıb. Orada ciddi iş getməsə, həmin kanalın dağılma ehtimalı var və onun üzərində olan körpünün də vəziyyəti həddindən artıq ağırdır.
İkinci məsələ. Nazirlər Kabinetinin “Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi barədə” 2006-cı il martın 2-də qəbul etdiyi 60 nömrəli Qərarı var. Bu gün qış otlaq sahələri bir sıra rayonlarda, o cümlədən Əli Bayramlıda, Hacıqabulda yerli sakinlərə satılır. İnsanlar, tutaq ki, bizim rayonda, həmin sahələrdə öz davarlarını, qoyunlarını aparıb otara bilmirlər. Torpaq sahələri, əslində, bu qərarın da qəbul olunmasına baxmayaraq, ilk növbədə, 40 il istifadəsində olan insanlara verilməlidir, ancaq verilmir. Yerli icra hakimiyyəti orqanları tərəfindən qərarın icrası tamamilə pozulur və insanlar olduqca əziyyət çəkirlər. Mən xahiş edirəm, cənab Baş nazir bir komissiya yaradıb bu qərarın icrasını yoxlasın.
Üçüncü ən ciddi məsələ yenə Quba ilə əlaqədardır. Vərəm xəstəlikləri son vaxtlar Qubada da artıb. Burada mərkəzi xəstəxananın nəzdində vərəm xəstəlikləri şöbəsi var. Həmin şöbə doğum evinin, demək olar ki, 15 metrliyindədir. Bu, heç bir epidemioloji normaya sığmır. Biz məktubla müvafiq icra orqanına müraciət etmişik. Bir daha xahiş edirik ki, orada bir dispanserin yaradılması üçün göstəriş verilsin. Belə bir binanı hazırlamışıq, ancaq onun təmirinə ehtiyac var.
Axırıncı, əmanətlərlə əlaqədar məsələyə toxunmaq istərdim. Əlbəttə, cənab Prezident tərəfindən bununla bağlı bir neçə dəfə siyasi qərar verilib. Biz iqtisadçılar bunun iqtisadi qərarını verməliyik. Bu tribunadan demək istəyirəm, hökumət üzvləri də bilsinlər ki, əmanətlərin qaytarılması ilə əlaqədar heç bir ciddi problem yoxdur. Çox sağ olsun hörmətli Oqtay müəllim, Milli Məclisdə belə bir komissiya yaradıbdır. Biz müəyyən materiallar əldə etmişik, qanun layihəsi üzərində işləyirik, yəqin ki, bu yaxınlarda layihəni Milli Məclisin müzakirəsinə verəcəyik. Bu əmanətlərin müəyyən hissəsini mütləq ilin axırına qədər əhaliyə qaytarmaq lazımdır.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova, buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. İcazə verin. çıxışımın əvvəlində bildirim ki, doğrudan da, Nazirlər Kabinetinin bu il bizə təqdim edilən hesabatı xüsusi diqqətlə tərtib olunmuşdur. Ümumiyyətlə, digər illərlə müqayisədə üstünlükləri çoxdur. Ən qiymətli cəhəti ondadır ki, təkliflərlə, icra vəziyyəti ilə bağlı məsələlər burada öz həllini tapıbdır. Ona görə Nazirlər Kabinetinə təşəkkürümü bildirmək istəyirəm.
Qaldıracağım əsas məsələlərdən biri artıq deyildi. Mən onu bir daha nəzərinizə çatdırıram. Doğrudan da, hər bir dövlətin qiymətli varlığı ilk öncə onun insanlarıdır. Bayaq Sumqayıt haqqında deyildi, ancaq ondan da acınacaqlı vəziyyət bizdədir. Yəni ən çirkli şəhər Bakıdır və bu ən çirkli şəhərdə biz yaşayırıq. Təəssüflə demək istəyirəm ki, bununla bağlı bir çox məsələlər artıq Bakı Şəhər İcra Hakimiyyəti üçün çox ağır bir yükə çevrilib, hətta vəziyyəti aradan qaldırmağa imkanı çatmır. Bu gün Bakı şəhərində elementar şəkildə həll oluna bilən məsələ – zibillərin yığışdırılması, şəhərdən kənara daşınması da həllini tapmır. Hökumətdən xahiş eləmək istəyərdim ki, bu məsələni nəzarətə götürsün, çünki bu, əslində, bir aysberq təhlükəsi yaradıbdır.
Biz hər zaman belə bir ifadə işlədir və deyirik ki, insana hər şeydən vacib hava və sudur. Biz hiss eləməsək də, hər gün səhhətimizə, bizim gələcəyimizə Bakının bu iki amili böyük ziyan vurur. Bu problem Domokl qılıncı kimi başımızın üstündə dayanıb. Səhhətində problem yaranan insanların heç biri deyə bilməz ki, bu, havadan, sudan deyil. Aydın məsələdir ki, Bakıda heç kəs əleyhqazla gəzmir, ekoloji cəhətdən çirkli havanı udur, bulanıq suyu içir.
İkinci məsələ səhiyyəmizlə bağlıdır. Bir zaman var idi, Azərbaycanda səhiyyənin vəziyyəti ilə bağlı deyirdilər ki, səhiyyədə problemləri aradan qaldırmaq, icbari tibbi sığortanı tətbiq etmək, stasionar, ambulator klinikaları normal səviyyəyə gətirmək üçün uzun illər və böyük vəsait lazımdır. Təcrübə onu göstərdi ki, cəmi iki il ərzində Azərbaycan səhiyyəsində bu problemlərin yarıdan çoxu həll olunub. Hətta o dərəcədə ki, iki il bundan qabaq insanlar dövlət xəstəxanalarına, ümumiyyətlə, getmək istəmirdilər. Yadınıza gəlirsə, vaxt var idi, burada çarpayıların sayını azaltmaqla bağlı məsələləri qaldırırdıq. Bu gün artıq həkimlərin qəbuluna düşmək üçün növbələr yaranıbdır. Bir məsələnin, güman edirəm, zamanı çatıb, onu hökumətdən xahiş eləməliyik. Bu gün həkimlərin və orta tibb ixtisası olan personalın təkmilləşdirmə məsələsinə hökumət vəsait ayırmalı və ona ciddi nəzarət etməlidir. Qeyd eləmək istəyirəm ki, səhiyyə müəssisələrinə çox gözəl və müasir tibbi avadanlıqlar alınıb, onların yerləşdirilməsi məsələləri həll olunub. Bizim həkim, feldşer, tibb bacılarının, ümumiyyətlə, dünyanın, hətta MDB ölkələrinin səviyyəsinə çatmaq problemimiz hələ də durur. Mən çox xahiş eləyərdim ki, bu işlərin görülməsini nəzərdən qaçırmayaq.
Üçüncü məsələ konkret olaraq təhsilimizlə bağlıdır və bayaq qeyd elədiyim birinci məsələ ilə daha çox uzlaşacaq və eyni zamanda da, YUNİSEF-in, BMT Beynəlxalq Uşaq Fondunun və digər beynəlxalq təşkilatların uşaqlarla bağlı hesabatına baxarkən, konkret görünür ki, bu gün Azərbaycanda, əsasən də, Bakı şəhərində 13–14 yaşlı uşaqlarda hafizənin gücü çox aşağı səviyyədədir. Uşaqların təhsilə diqqətsiz olması bir epidemiya xarakteri daşıyır. Bu problemlərin yaranması, ümumiyyətlə, bütün təlim-tərbiyə prosesinə təsir eləyir. Hər kəs bunu bir metodla aradan qaldırmaq istəyir. Unuduruq ki, sağlam olmayan, düzgün qidalanmayan və bəslənməyən uşaq heç bir zaman hansı metodika ilə olursa-olsun, konkret bir səviyyəyə gəlib çata bilməyəcək.
Diqqətlilik, hafizə uşaq üçün, şübhəsiz ki, ibtidai məktəbdən vacib sayılan məsələdir. Artıq bizim ölkəmizin vəziyyəti o yerə gəlib çatıb ki, biz bu problemləri həll etmək iqtidarındayıq. Konkret olaraq, sovet dövrünün təcrübəsindən də bunu bilirik. Azərbaycan məktəblərində, – bayaq qeyd elədim, – ekoloji cəhətdən çox çətin vəziyyətdə olan Bakı və Sumqayıt şəhərlərinin ibtidai siniflərində oxuyan uşaqların qidalanması, – süd və süd məhsulları nəzərdə tutulur, – hökumət tərəfindən həll olunmalıdır. Aydındır ki, məsələnin bu cür həll olunmasını hər hansı bir valideynin imkanları, maliyyə vəziyyəti ilə bağlamaq, orta məktəbdə həyata keçirmək mümkün deyil. Bunu Təhsil Nazirliyinin və hökumətin bu sahədə olan qərarları vasitəsi ilə həyata keçirmək olar.
Daha bir məsələni nəzərinizə çatdırmaq istəyərdim. Bu gün Azərbaycanda olan inflyasiya ilə bağlı konkret fikirlər söylənildi. Bunun bir çox səbəbləri var. Bunların içərisində obyektiv səbəblər çoxluq təşkil eləyir. Qeyd eləmək lazımdır ki, bu problem təkcə Azərbaycan üçün xarakterik deyil, dünyanın bir çox ölkələrində var. Bu, heç də o demək deyil ki, biz inflyasiya ilə bağlı dünya təcrübəsindən istifadə eləməməliyik. Şübhəsiz ki, bizim iqtisadçılarımız inflyasiyanın qarşısının kəsilməsi, onun nəticələrinin aradan götürülməsi ilə bağlı təkliflərini verəcəklər.
Mən isə bu təklifimi bir neçə il bundan qabaq da vermişdim, bir daha hökumətin nəzərinə çatdırmaq istəyirəm. Bu, şəxsi, ola bilər ki, subyektiv olduğu üçün bəlkə də iqtisadçılarımız tərəfindən dəstəklənməsin. Hər halda bu, dünya təcrübəsində var və İtaliya kimi bir ölkədə müsbət nəticəyə gətirib çıxarmışdır. Məncə, bu gün Azərbaycanda maliyyə amnistiyası elan eləmək lazımdır. Bu maliyyə amnistiyasının elan olunması, heç nəyə də olmasa, iki məsələyə, birincisi, yoxsulluq səviyyəsinin azaldılmasına, ikincisi, sosial sahələrin prioriteti olan əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə kömək eləyəcək. Maliyyə amnistiyası birbaşa vergilərin yığımının çoxalmasına gətirib çıxaran bir addımdır.
Bir daha Nazirlər Kabinetinə hesabatını bu səviyyədə bizə təqdim etdiyinə görə təşəkkür eləyirəm və onlara gələcək işlərində uğurlar arzulayıram. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun, Gülər xanım. Vidadi müəllim, buyurun.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli Baş nazir və hökumət üzvləri! Azərbaycan xalqının uğurlu taleyidir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müasir dövrə uyğun bir qaydada inamla davam etdirir. Prezidentimiz bu strategiyaya mütərəqqi və müasir yeniliklər gətirərək, dövlətimizin iqtisadi inkişafının yüksəlməsinə və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına nail olmuşdur.
Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin mədaxil proqnozu 104,1 faiz yerinə yetirilmişdir. Bu da 2006-cı illə müqayisədə 55,3 faiz çoxdur. Vergi siyasətinin düzgünlüyü və onun təkmilləşdirilməsi nəticəsində büdcə daxilolmalarının 75,1 faizi Vergilər Nazirliyinin payına düşmüşdür. Nazirlikdə səmərəli vergi inzibatçılığı tətbiq olunduğundan büdcəyə daxilolma proqnozuna 107 faiz əməl edilmişdir. 2006-cı illə müqayisədə qeyri-neft sektorundan daxilolmalar isə 57,3 faiz artmışdır. Büdcəyə daxilolma proqnozunun 12,8 faizi Gömrük Komitəsi tərəfindən təmin edilmişdir ki, bu da dövlətimizin xarici ölkələrə inteqrasiyasının və iqtisadi inkişafının müsbət göstəricisidir.
Ölkədə rabitə və telekommunikasiya texnologiyaları inkişaf etmiş, yeniləri tətbiq olunmuş, xarici ölkələrlə əlaqələr intensivləşmiş, xalqımızın iqtisadi və intellektual səviyyəsi yüksəlmişdir. Hesabat dövründə rabitə sektorunda göstərilmiş ümumi xidmətlərin həcmi 27 faiz artmışdır. Elektron ATS-lərin xüsusi çəkisi 2007-ci ilin sonuna 79,4 faizə çatdırılmışdır.
Hesabatda müdafiə xərclərinə 2006-cı illə müqayisədə 26,7 faiz artıq vəsait ayrılması dövlətçiliyimizə və Ali baş komandana daim sədaqət nümayiş etdirən ordumuzun daha da güclənməsinə səbəb olmuş və işğal olunmuş torpaqlarımızın qaytarılmasına xalqımızın inamını bir qədər də artırmışdır.
İnvestisiya xərclərinin istiqaməti düzgün müəyyənləşdirilmiş, ölkədə infrastrukturların yaxşılaşdırılması və yenidən qurulması istiqamətində çox böyük işlər görülmüşdür. Bilirsiniz ki, inkişaf etmiş Avropa ölkələrindən fərqli olaraq postsovet məkanındakı ölkələrdə infrastrukturlar bərbad və yox dərəcəsində idi. Bu ölkələrin əksəriyyətində hələ də bu işlərə başlanmamışdır. Prezidentimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə infrastrukturların bərpası və yenidən qurulması sahəsində uğurlu nəticələr əldə olunmaqdadır. Bu günlərdə Gəncə şəhərində Gil-torpaq zavodunun istehsal etdiyi yarımfabrikat məhsullarından alüminium almaq üçün gücü 100 min ton olan alüminium zavodunun, həmçinin 1 milyon ton polad istehsal edəcək poladəritmə kompleksinin tikintisinə başlanmasını buna misal göstərmək olar. Bu zavodların istifadəyə verilməsi ilə 2300 iş yeri açılacaq, ölkənin qeyri-neft sektoru, əlvan və qara metallurgiya sənayesi inkişaf edəcəkdir.
İnvestisiyaların infrastrukturların yaradılmasına istiqamətləndirilməsi inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Respublikası üçün çox önəmlidir. İnvestisiya proqramında meliorasiya sahəsində görülən müsbət işlər kənd təsərrüfatının, o cümlədən suvarmanın inkişafına müsbət təsirini göstərmişdir. Qeyri-neft sektorunun bu istiqamətdəki inkişafı ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edir. Bu da əhalinin firavan yaşaması deməkdir.
Fərəhlidir ki, ölkəmizdə enerji təhlükəsizliyi təmin olunduğu üçün sərt şaxtalarla müşayiət olunan bu qışda xalqımız əziyyət çəkməmişdir. Bank sisteminin səmərəli fəaliyyəti də ölkədə kənd təsərrüfatı məhsulları istehsalının inkişafına zəmin yaratmışdır. Dövlət büdcəsinin icrasının düzgün yerinə yetirilməsinə, təyinatı üzrə istifadəsinə və şəffaflığına Maliyyə Nazirliyi layiqincə nəzarət etmişdir. Hökumət üzvlərinə möhtərəm Prezidentimizin apardığı siyasətin həyata keçirilməsindəki fəaliyyətinə görə uğurlar diləyirəm. Hesabatın qəbul olunmasına müsbət səs verəcəyəm, deputat həmkarlarımı da bunun lehinə səs verməyə çağırıram. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, Zahid müəllim, üzr istəyirəm. Abel müəllim, 5 dəqiqəlik çıxışa beş dəfə etiraz olmuşdur. Ona görə qanun-qayda çərçivəsində on dəqiqəlik çıxış eləyirlər. Əgər kim çıxış etməyə çatmayacaqsa, xahiş eləyərik, çıxışlarının mətnini yazılı surətdə verərlər, biz də onları Nazirlər Kabinetinə çatdırarıq. Hökm deyil ki, hamısı çıxış etsin. Zahid Orucov, buyurun.
Z. Orucov. Hörmətli cənab Sədr və Baş nazir, hörmətli Milli Məclis və hökumət üzvləri! Hesabatın təqdimatından sonra sabahkı gündə Azərbaycan cəmiyyəti bu tədbirdən nəyi udacaqdır? Dərhal əvvəlki illərdə olan oyunlar gözümün qabağına gəlir.
Ötən dəfə də mən xatırlayıram, ajiotaj yaratmış bir iclasdan çıxmışdıq və məsələnin əsas mahiyyəti qalmışdı bir qıraqda, hamı yalnız Məclisdə üzə çıxan məsələdən bəhs eləyirdi. İndi də, görünür ki, burada artıq hörmətli həmkarımız Siyavuş Novruzovun qeyd elədiyi kimi, kimlərinsə dünən yığıncaqları olub və 2008-ci ilin seçkiləri ilə bağlı siyasi düşüncələrini bəri başdan parlamentə “daşıyıblar”. Yenə də ötən əsrin 90-cı illərinin meydan və siyasi şüarları burada təkrarlanır. Deməli, sabah bu tədbirə yalnız “hökumətə kim isə “istefa” dedi və kim isə ona cavab verdi” şəklində münasibət bildiriləcək. Əslində, nəzəri olaraq, burada hər kəs müxalifətin hakimiyyət uğrunda mübarizə haqqını tanıyır. Bir də, kim isə buna qarşı çıxmır. Bunun nəzəriyyəsi, əslində, həqiqətən də var. Biz o qüvvələrin hakimiyyət uğrunda mübarizə amalına və yaxud da düşüncəsinə qarşı ona görə çıxırıq ki, bütün yaxşılıqların üzərindən xətt çəkərək, özünün hakimiyyətini qurmaq olmaz.
Belə hesab eləyək ki, bu hökumət istefa verir, onda nə baş verəcək? Yaxud bunların daxili vəziyyətini, bu didişmələrini, birinin digərinə bəslədiyi kin-küdurəti dövlətin, hökumətin içərisinə keçirsək, nə olacaq? Biz zamanında deyirdik ki, məsələn, Ukraynanın timsalında bu cür küçə qovğaları ilə hakimiyyətə meydan oxumaq olmaz. Belə olanda parlament hökuməti fasiləsiz inqilablara düçar eləyəcək. Biz bu gün Ukraynanın həyatında belə problemləri görməkdəyik. Mən hesab eləyirəm, bu, sadəcə, həm də onunla bağlıdır ki, Azərbaycanın siyasi müxalifəti, əsasən, fəsillər üzrə ixtisaslaşıb. May ayı onlar üçün, – müxtəlif inqilabların keçmişdə törənməsini nəzərə alaraq, – görünür, 2008-ci ildə də o aya yönəldikcə, onlar havaların istiləşməsindən belə bir qaynaq, belə bir impuls alıblar.
Mənim üçün bircə məsələ təəccüblüdür ki, özlərini “sağ qüvvələr” adlandıranlar və “ideoloji sağ mərkəzin platforması” olduğunu deyənlər tamamilə bolşevik şüarları ilə silahlanıb bu hakimiyyətə gəlmək istəyirlər. Mən həmişə düşünürəm ki, kasıbın ehtiyac kisəsini, onun sosial torbasını başı üzərinə qaldıran bu qüvvələr mənim üçün bolşeviklərdən heç nələri ilə fərqlənmirlər. Belə bir şəkildə hakimiyyəti zəbt eləmək olmaz, çünki bu, qeyri-mümkündür.
Mən bir nəzəri fikri də burada vurğulamaq istəyirəm. Bəli, neftin beynəlxalq aləmdə, xarici bazarlarda qiyməti qalxır. Bu, həm də o deməkdir ki, hakimiyyətin qiyməti qalxır. Hakimiyyətin qiyməti artdıqca, onun uğrundakı çarpışma və ətrafında azğınlıq da artır. Ona görə, mən hesab eləyirəm ki, 2008-ci ilin əsas mərhələsinə yönəlirik. Biz hələ bundan artıq populizm, bundan artıq kəskinlik görəcəyik.
Cənab Sədr, hakimiyyətin üzərinə bəzən elə gəlirlər ki, real problemləri də etiraf eləmək artıq görünür. Halbuki doğrudan-doğruya bu mövqelər olmasa, həddindən artıq belə siyasiləşmiş birtərəfli mübarizəyə, barrikada mübarizəsinə bənzər çarpışma cəhdləri olmasa, bir çox problemləri biz özümüz deyərik. Mən isə indi hər hansı problemi deməkdən daşınıram, çünki bilirəm ki, bu fikirlərim kimlərinsə əlində arqumentə çevrilib, bu hakimiyyətin əleyhinə bir təbliğat şüarı olacaqdır.
Bilirsiniz, 2008-ci ildə atəşkəsin bu şəkildə pozulmasından...
Yerdən. (Eşidilmir.)
Z. Orucov. 2008-ci ilin hadisəsidir, 2007-ci ilin yox, istəyirəm, hər kəs bir nəticə çıxarsın. Mənim anlamımda bu, təkcə ona görə deyildir ki, Ermənistanda kim isə diqqəti öz daxili vəziyyətindən yayındırıb, Qarabağ cəbhəsinə yönəltmək istəyirdi və beləliklə, müxalifətə görk eləyirdilər ki, istənilən vaxtda bu selin qabağı götürülə bilər. Yox, bunun ən böyük səbəblərindən biri budur ki, orada, o cümlədən Rusiyanın oradakı hərbi qüvvələrinin ixtiyarında xeyli köhnəlmiş silahlar var. Bunları Qarabağda boşaltmalıdırlar, yəni silahları kimlər isə almalıdır. Eyni zamanda, bizdən fərqli olaraq, başqaları hesablayırlar ki, 2015-ci ildə, ya 2020-ci ildə Azərbaycanla Ermənistanın inkişaf fərqləri bir-birindən hədsiz dərəcədə əlçatmaz olacaqdır. İndi Amerika da onları maliyyə proqramından çıxarsa, Ermənistan və Azərbaycan arasında fərq beş dəfə yox, on dəfə yox, artıq əlli dəfə olacaqdır. Onlar fikirləşirlər ki, Azərbaycanı nəyin bahasına olursa-olsun, bu inkişaf yolundan daşındırmaq gərəkdir. Bunu necə etsinlər? Bunu ya daxili mübarizə cəbhələrini yaratmaqla edə bilərlər, ya da Qarabağ cəbhəsində yeni hadisələr törədəcəklər. Mən düşünürəm ki, bu mənada bizim əlavə silah almaq dayağımız da və sair Azərbaycanı indiki real iqtisadi inkişaf modelindən çıxarmaq üçündür.
Mən bu hakimiyyətin üzərinə gələn qüvvələrə üzümü tutub deyirəm ki, siz kriminallıq deyəndə, Azərbaycandakı problemlərdən danışanda, bir az Pakistanda baş verənləri də xatırlayın. Bu, gerçək bir şantajdır, xalqı müdafiə eləmək deyil.
Azərbaycanda da Pakistandakı münaqişələr, yaxud da bir vaxt Brejnevin çaşıb bura Əfqanıstan deməsi və respublikanın reallıqda Əfqanıstana çevrilməsi ssenariləri ola bilər. Bu, tamamilə reallıqdır. Azərbaycana neft pullarının çox gələcəyi, dövlətin büdcəsinin indi kimlərəsə xəyal kimi görünən 50 milyarda və ya 70 milyarda çatacağı təqdirdə iki qonşu ölkənin inkişaf boyunu eyni eləmək üçün ən müxtəlif ssenarilər ortaya qoyula bilər. Bundan da ancaq belə bir siyasi azğınlığa susamış qüvvələr yararlana bilərlər. Mən istəyirəm ki, onlar bunu göz altına alsınlar. Yoxsa kim onlara qarşı çıxır ki, mövcud problemləri deməsinlər. Belə problemlərdən, imkan olsa, mən özüm də deyəcəyəm.
Mən, cənab Sədr, bu müzakirələr dövründə bir məqama da toxunmaq istəyirəm. Beynəlxalq təsisatlar Azərbaycanın imicinə bu və ya digər formada təsir eləyirlər. Heç şübhəsiz, buna cavab vermək təkcə Prezidentin İcra Aparatının və ya ictimai-siyasi şöbəsinin işi deyil. Onlar bu yükü kifayət qədər uğurla daşıyırlar. Buna hökumətin bütün üzvləri qoşulmalıdırlar.
Nə qədər mentalitetimizə yaraşmayan ifadələr işlətmək, nə qədər çirkab və ya kanalizasiya sularını bu hakimiyyətin üzərinə axıtmaq olar? Mənə elə gəlir ki, buradan heç kəs sinəsini qırağa çəkib deməməlidir ki, bu mənə, mənim strukturuma aid deyil. Bayaq hörmətli Siyavuş müəllim yaxşı dedi ki, ən fəal işləri görən qurumların üzərinə yeriyirlər. Bilirlər ki, hakimiyyətin əsas özülü, sütun hissələri haradır, oranı vururlar.
Əgər indi mən tənqidi fikirlərimi deməyə başladımsa, birinci istəyirəm, mətbuat xidmətinin fəaliyyətini qeyd edim. Bütün qurumların mətbuat xidmətləri böyük bir ştat tərkibi ilə işləməkdədirlər. Bəs onlar nədən ötrü maaş alırlar? Bunlar elə düşünürlər ki, nə yazırlar, qoy yazsınlar. Kim isə kiminsə ünvanına nəyi, hansı böhtanı istəsə, deməlidir, bunlar da buna dözməlidirlər? Sizi inandırıram, bu yalanlar hamının, çoxlarının mövqeyinə təsir edir. Siz görürsünüz ki, burada əks, müxalif fikirlər deyiləndə, onları çoxu dinləyir, sanki eşitdikləri ürəklərindəndir. Bilirsiniz, niyə? Ona görə ki, artıq o qəzetdə yazılanlar bir çoxlarının düşüncəsinə təsir eləyir. “Virus” yaxşı sözdür. Doğrudan da, bir xarab alma min almanı məhv eləyə bilir, amma min saf alma yığılsa, bir xarabı düzəldə bilmir.
Azərbaycan dövləti, yenə deyirəm, 1990-cı illərin yükünü çiyinlərində daşımaqdadır. Bu yük nədir? Qaçqınlarla bağlı fəlakətin nəticələrini Azərbaycan hələ də aradan qaldırmaqla məşğuldur. Cənab Sədr, bizim 70 mindən artıq veteranımız, nə qədər şəhidimiz, əlilimiz var. Nə qədər də bunu təsdiq edən vəsiqəni ala bilməyənlər var. Bütün bunları fikirləşəndə birdən-birə az qala 120 minə qədər müharibədə döyüşənlərimiz olub. Hələ bununla belə, məğlub olmuşuq. Bu yükü heç kim nəzərə almaq istəmir. Nə qədər insanın bu dövlətin büdcəsindən, sadəcə, saxta sənədlərlə əlillik dərəcəsinə görə vəsait aldığı məlum olub və onlar bu tərkibdən çıxarılıblar. Nə qədər insan müəllim, həkim adı ilə saxta maaş alır. Bu yükü daşıya bilən dövlət, əlbəttə, yaxşıdır, zordur ki, dayanır, dözür. Üç-dörd strukturda normal attestasiya olsa, bu yük bir qədər azalar. İndi çoxları qeyri-rəsmi maaş da alırlar, sanki humanitar yardımdır, bunlara verilir. Mən hesab edirəm ki, əks düşərgənin təmsilçiləri bunları qiymətləndirməlidirlər.
Bütün bu fikirlərlə yanaşı, qalmış vaxt ərzində kənd təsərrüfatı sektoru ilə bağlı bir fikrimi vurğulamaq istəyirəm. Ötən dəfə də dedim, Azərbaycanın aqrar sektorunun inkişafı vacibdir. Bir para qüvvələrin əlinə arqument verməmək üçün kənd təsərrüfatı daha çox inkişaf etməlidir. Buradan başlayır ki, mənim hörmətim var, mənim bu sözlərimdən inciməsinlər. Bir neçə dəfə də bəzi problemlərlə bağlı telefon danışıqlarımız olub. Kənd təsərrüfatı naziri, onun strukturu Azərbaycan kəndini, Azərbaycan coğrafiyasını, Azərbaycanın bütün torpaqlarını tanımalıdır. Yəni bu strukturlar Azərbaycanın ayağa qalxmasında böyük rol oynaya bilərlər. Baxmayaraq ki, müəyyən işlər görülür, heç kəs bunu inkar etmir.
Dərhal səhiyyə sahəsinə, insanların sağlamlığı ilə bağlı hüquqlarının qorunmaması məsələsinə keçirəm. Hörmətli səhiyyə naziri, Sizin strukturunuzun təmsilçisi mənə cavab verir ki, filan sahədə həkimin yanına gələn xəstələrin məsələsi birbaşa bizə aid deyil. Vətəndaş klinikada cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişir, ona görə 13 min manat vəsait ödənilir. Bu xəstənin hüququ yoxdur? Bəs Siz deyirsiniz ki, səhiyyəyə inamı qaytarmalıyıq.
Deyirik ki, səhiyyənin imici keçmişdə Əli İnsanova aid olan imicə bərabər idi. Səhiyyədə vəziyyəti yaxşılaşdırmaq üçün ondan başlayın ki, xəstə sizə inansın və kapitalını bura qoysun, onu aparıb Almaniyada xərcləməsin.
Mən, cənab Sədr, hökumətin hesabatını qənaətbəxş sayıram. Hesab edirəm ki, gələcək dönəm üçün hökumət daha fəal işləməlidir və cənab Prezidentin rəhbərliyi altında 2009–2010-cu illərdə daha yaxşı işləməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli Baş nazir və kabinet üzvləri! Azərbaycan Respublikası hökumətinin 2007-ci il üzrə hesabat məruzəsinin təhlili hesabat dövründə Azərbaycan hökumətinin gördüyü işlərin böyük miqyasından xəbər verir. Ümumiyyətlə, 2007-ci ilin makroiqtisadi göstəricilərini 2006-cı ilin göstəriciləri ilə müqayisə etməklə də bu nəticəyə gəlmək olar. 2007-ci ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 2006-cı ildə olan 20,8 faizdən 16 faizə enmişdir ki, bu da Azərbaycan iqtisadiyyatı üçün mühüm bir məsələdir. Mən 2015-ci ilə qədər Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının işlənib hazırlanmasını və təsdiq olunması üçün cənab Prezidentə təqdim olunmasını yoxsulluğun azaldılması istiqamətində atılmış mühüm bir addım hesab edirəm. Bu sənəddə Azərbaycanda yoxsulluq səviyyəsinin inkişaf etmiş ölkələrdəki səviyyəyə yaxınlaşdırılması nəzərdə tutulub.
2007-ci ildə əhalinin pul gəlirləri 40,3 faiz artmışdır ki, bu da adambaşına 38,6 faiz deməkdir. Bunun pulla ifadəsi isə hər nəfər hesabına ayda 140,9 manat təşkil etmişdir. Ümumiyyətlə, 2007-ci ildə əhalinin pul gəlirlərinin 40,3 faiz artması öz-özlüyündə böyük bir nəticədir. Lakin inflyasiya və qiymət artımı fonunda bu rəqəm özünün nominal ifadəsindən daha cılız görünür və mən o fikirdəyəm ki, Nazirlər Kabineti əhalinin pul gəlirlərinin artırılması istiqamətində digər əməli tədbirlər də həyata keçirməlidir.
2007-ci ilin ən mühüm makroiqtisadi göstəricilərindən olan ümumi daxili məhsul 25 faiz artmışdır ki, bu da 2003-cü illə müqayisədə 2,6 dəfə çoxdur. 2008-ci ildə isə bu artımın 3 dəfədən artıq olması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün mühüm göstəricidir. Amma mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, yenə də Azərbaycanda ümumi daxili məhsulun strukturunda neft sektorunun payı aparıcıdır. Qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm əməli tədbirlərin görülməsi vaxtı çoxdan çatıb. Cənab Prezident özü çıxışlarında dəfələrlə deyib ki, bir gün Azərbaycanın nə nefti, nə də qazı olacaq. Çünki maddi olan hər bir şeyin sonu var. Ona görə də qeyri-neft sektorunun inkişaf etdirilməsi bizim üçün çox vacibdir.
Nazirlər Kabinetinin Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya edilməsi ilə bağlı planlarını dəstəkləyirəm və hesab edirəm ki, bu gün bu, Azərbaycan iqtisadiyyatında mühüm bir addımdır. Bu gün dünya iqtisadiyyatının ən mühüm istiqamətlərindən biri insan kapitalının formalaşdırılması, bunun iqtisadiyyatda mühüm, önəmli bir yerə çəkilməsi, habelə iqtisadiyyatda ağırlıq mərkəzinin maddi sərvətlər üzərindən insan kapitalı üzərinə keçirilməsidir.
Mən Nazirlər Kabineti üzvlərinin burada iştirakından istifadə edib, onlara belə bir sualla müraciət etmək istərdim. Bu gün Azərbaycan iqtisadiyyatında ağırlıq mərkəzinin maddi sərvətlər üzərindən insan kapitalı üzərinə, intellektual sərvət üzərinə keçirilməsi istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur? Bu istiqamətin inkişaf etdirilməsi Azərbaycan iqtisadiyyatında yeni bir hal deyil. Cənab Prezidentin 2006-cı il oktyabrın 19-da və 2007-ci il fevralın 16-da imzaladığı sərəncamlarla təsdiq olunmuş Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair dövlət proqramı da insan kapitalının daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm bir addımdır.
Bununla bağlı hörmətli təhsil naziri Misir müəllimin burada iştirak etməsindən istifadə edib, ikinci bir sualımı vermək istəyirəm. Bu sual da intellektual kapitalın daha da inkişaf etdirilməsi ilə bağlıdır. Mən istərdim biləm, yuxarıda qeyd etdiyim dövlət proqramı ilə bağlı hansı işlər görülüb, onun icra vəziyyəti nə yerdədir və xaricdə təhsilini davam etdirmiş həmin insanlar Azərbaycana qayıdarlarsa, onların işlə təmin olunması hansı səviyyədə olacaq?
Növbəti sualım da bu sahənin inkişaf etdirilməsi ilə bağlıdır. Gələcəkdə Nazirlər Kabineti elmin inkişafı ilə bağlı hansı əməli tədbirləri həyata keçirmək fikrindədir? Bunlar Azərbaycan iqtisadiyyatında intellektual kapitalın inkişaf etdirilməsinə xidmət edən amillərdir.
Mən Nazirlər Kabinetinin 2007-ci il üzrə fəaliyyətini qənaətbəxş hesab edir və Azərbaycan iqtisadiyyatının daha da möhkəmləndirilməsi, gücləndirilməsi naminə Nazirlər Kabinetinin bütün üzvlərinə öz işlərində uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, hələ çox suallar veriləcək. Bu sualların cavablarını biz yazılı surətdə də ala bilərik. Belə edək ki, daha çox deputatın çıxış etmək imkanı olsun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli Baş nazir və hökumət üzvləri! Ölkədə cənab Prezidentin rəhbərliyi altında bütün sahələrdə inkişaf gedir. Bunu görməmək və qiymətləndirməmək mümkün deyil. Cənab Baş nazir və bizim bir çox millət vəkili bu haqda geniş danışdığından təkrarçılığa yol verməyi lazım bilmirəm. Ümumiyyətlə, Nazirlər Kabinetinin hesabatına müsbət səs verəcəyəm. Amma bəzi sahələrdə problemlər var və həmin problemlərin həlli istiqamətində hökumətin addımları sürətləndirilməli, müəyyən sahələrdə islahatlar aparılmalı və qüsurlar aradan qaldırılmalıdır.
Mənim ilk öncə toxunacağım məsələ hörmətli Baş nazirin də xüsusi vurğuladığı ərzaq təhlükəsizliyi ilə bağlıdır. Yəqin ki, bizim bir çox millət vəkili və hökumət üzvləri BMT-nin Baş katibi Pan Gi Munun açıqlamasını oxuyublar. BMT artıq rəsmi olaraq həyəcan təbili çaldı ki, son altı ay ərzində əsas ərzaq məhsullarının – taxılın, buğdanın, düyünün qiymətləri 50 faiz artaraq rekord həddə çatıb və bu gün ümumdünya ərzaq ehtiyatlarının tarixdə ən aşağı səviyyəsi qeydə alınıb. Proqnozlaşdırırlar ki, bu vəziyyət bundan sonra getdikcə pisləşəcək. Çin və Hindistanda baş verən proseslər, yəni tələbatın artması, dünyada iqlim dəyişikliyi nəticəsində baş verən bir çox proseslər bunu rəsmi şəkildə deməyə əsas verir.
Azərbaycanda əsas ərzaq məhsullarının böyük bir hissəsini idxal təşkil edir. Taxıl məhsulları da bu qəbildəndir. Ekspertlər hesab edirlər ki, bu qiymətlərin qalxması dünyada olduğu kimi, Azərbaycandan da yan keçməyəcək. Təbii ki, bu məhsulların qiymətlərinin qalxması ölkəmizdə yoxsulluğa qarşı mübarizənin effektli aparılmasına mane olur. Çünki yoxsulluq həddində yaşayan aztəminatlı ailələrin gəlirlərinin əsas hissəsi məhz bu əsas ərzaq məhsullarına sərf olunur. Təbii ki, bu məhsulların qiymətləri artdıqca yoxsulluğa qarşı mübarizəni aparmaq daha da çətinləşəcək. Bu baxımdan mən istəyərdim, hökumət bir məsələyə aydınlıq gətirsin.
Azərbaycanda taxıl idxalı, yəni taxıl məhsullarının ölkəyə gətirilməsi özəl şirkətlər tərəfindən həyata keçirilir. Bu isə riskləri bir az da artırır. Ölkədə taxıl ehtiyatlarının lazımi səviyyədə olmasına, lazım gəlsə, dövlət tərəfindən taxılın qiymətinə müdaxilə olunmasına imkan yaradan taxıl fondu yaradılmalı idi. Nəyə görə bu taxıl fondu 2007-ci ildə yaradılmadı? Ümumiyyətlə, hökumət bu il və gələn il bu sahədə hansı addımlar atacaq?
Yenə də deyirəm, Azərbaycan dünyanın bir parçasıdır. Dünyada gedən proseslər Azərbaycandan yan keçməyəcək. Üstəlik, biz taxıl məhsullarının çox böyük bir hissəsini idxal edirik. Deməli, əsas ərzaq məhsullarının, taxıl, buğda kimi məhsulların idxaldan asılılığını mümkün qədər azaltmaq lazımdır. Mən Nazirlər Kabinetinin hesabatından maraqlı bir rəqəmi nəzərinizə çatdırmaq istərdim. İlk dəfə olaraq cənab Prezidentin sərəncamı ilə kənd təsərrüfatına bu məqsədlə 80 milyon manat vəsait ayrılıb və bunun nəticəsi olaraq buğda, taxıl əkilən sahələr xeyli artıb. Bu o deməkdir ki, dövlətin kiçik bir dəstəyi bu sahədə bizim problemlərimizin həllinə ciddi təsir göstərə bilər. O baxımdan mən soruşmaq istəyirəm ki, bu sahədə bizim idxal asılılığından qurtarmağımız, yəni daxildə bu istehsalın daha da artırılması istiqamətində hansı addımlar atılacaq?
Çox vacib məsələlərdən biri də yardımlarla bağlıdır. Yardımların ayrılmasını, təbii ki, hər birimiz təqdir edirik. Amma ən ciddi məsələ o yardımların yerlərdə necə verilməsidir. Mən kənd rayonunu təmsil edən bir millət vəkili olaraq, burada hökumət üzvlərindən xahiş edərdim ki, bu məsələyə diqqəti bir qədər də artırsınlar. Hökumətin bir mexanizmi olmalıdır ki, bu yardımların necə verilməsinə nəzarət etsin. Yerlərdə o yardımın alınmasında çox ciddi problemlər var.
Lizinq xidmətlərindən istifadə sahəsində də mexanizmlərin müəyyən qədər yüngülləşdirilməsinə ehtiyac var. Aqrolizinqlərin yaradılması çox gözəl bir addım idi. Amma bu xidmətlərdən daha geniş şəkildə istifadə edilməsi üçün bu mexanizmlərin sadələşdirilməsinə və güzəştlərə ehtiyac var.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Mənzillə bağlı problemlər Azərbaycanda ən ciddi problemlərdəndir. Gənc ailələrin, dövlət qulluqçularının, müəllimlərin, ümumiyyətlə, normal əmək haqqı alan insanların bu gün mənzil almaq imkanları çox məhduddur. Ona görə də dünyanın hər yerində dövlət müəyyən mexanizmləri işə salır. Azərbaycanda da bu mexanizmlərdən biri işə salınmışdı, ipoteka krediti verilirdi. Əslində, bu, problemi tamamilə həll etməsə də, qismən yardım edirdi. Bu ipoteka kreditləri açılandan sonra nə qədər insan evlə təmin oluna bildi. İpoteka kreditləri ilə bağlı maliyyənin ilin sonuna artıq bitməsi və müraciətlərin sayının çoxluğu göstərirdi ki, bu sahədə işlər daha da sürətləndirilməlidir. Amma artıq mart ayıdır, ipoteka kreditləri verilmir. 2008-ci ilin əvvəlindən bu işə başlanmayıb. Mən istəyərdim, hökumət üzvləri bu məsələyə aydınlıq gətirsinlər. Niyə ipoteka kreditləşməsi ilə bağlı məsələ belə açıq şəkildə qalır?
Digər məsələ. Ölkədə ünvanlı sosial yardımların verilməsi çox vacib bir addım, yoxsulluqla mübarizəyə qarşı ciddi mexanizmlərdən biri idi. Amma bu sosial yardımların verilməsində çox ciddi problemlər var. Bunların həlli istiqamətində müəyyən mexanizmlər dəyişdirilməlidir. Nədir əsas problem? Ünvanlı sosial yardım hər 6 aydan bir verilir. Deməli, onsuz da çətin vəziyyətdə olan vətəndaş hər 6 aydan bir qapılara düşür, min bir əziyyətlə, süründürməçiliklə qarşılaşır, gözləyir, gözləyir, bu yardımı alır, ya almır. Biz burada ombudsmanın hesabatını müzakirə edən zaman xanım Elmira Süleymanova da bəyan etdi ki, bu sahədə müraciətlər çoxdur. Məgər olmazmı bu 6 ayı 1 illə əvəz edək? Yəni doğrudanmı çox çətin vəziyyətdə olan bu insan 6 ayda belə varlana biləcək ki, bunun sosial yardıma ehtiyacı olmasın? Yaxşı, deyək ki, belə varlanma mümkün oldu, o zaman bu qurumlar ona nəzarət edə bilərlər. Amma 6 aydan bir bu süründürməçilik çox ciddi problemə çevrilir. Ona görə mən xahiş edərdim ki, bu qaydanın dəyişdirilməsinə baxılsın.
Səhiyyə sahəsində çox ciddi işlər görülür. Bunu hamımız etiraf etməliyik. Amma bu sahədə ciddi problemlərdən biri də bu gün ürək qüsurlarının aradan qaldırılması üçün aparılan cərrahiyyə əməliyyatlarının və dializ prosedurunun haqqının ödənilməsi ilə bağlıdır. Çünki ölkədə ürək qüsurları əməliyyatının ən minimal məbləği 5 min dollardır. Dializə isə artıq böyük növbələr var və onun üçün tələb olunan məbləğ də az məbləğ deyil. Hətta ən imkanlı ailədə xəstə dializdədirsə, o ailə üçün ən ciddi maliyyə problemi yaranır. Düzdür, bu gün ölkəmizdə tibbi sığorta ilə bağlı addımlar atılır. Amma keçid dövründə bu insanlara ciddi şəkildə kömək etmək lazımdır. Ona görə mən maddi təminat baxımından çətin vəziyyətdə olan insanlar üçün bu əməliyyatların pulsuz şəkildə həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanmasını istəyərdim. Mən bu məsələni keçən dəfə də qaldırmışdım. Amma bu sahədə irəliləyiş olmadığı üçün yenidən bu məsələyə qayıdıram.
Oqtay müəllim, bir məsələyə də qısa şəkildə toxunacağam. Keçən dəfə bu məsələyə toxunanda bizim təhsil naziri də, müdafiə naziri də bildirdilər ki, onlar da əleyhinə deyillər. Söhbət hərbi hazırlıq dərslərindən gedir. Orduya gedən gənclərimizin müəyyən hazırlıq səviyyəsi olmalıdır. Ərazisinin 20 faizi işğal altında olan ölkəyik və gənclərimiz hərbi xidmətə tam hazır getməlidirlər. Ona görə hərbi hazırlıq dərslərinin bərpasına ehtiyac var. Mən xahiş edirəm, heç olmasa, bu il bu məsələyə baxılsın.
Sonda Tovuzla bağlı iki məsələyə diqqət yetirməyinizi xahiş edəcəyəm. Sənəddə göstərilib ki, Tovuzun Böyük Qışlaq yolu çox vacib yoldur. Onun tikintisi başa çatmalı idi. Amma təəssüf ki, bu sahədə tikinti işləri hələ başa çatmayıb. Mən Ziya müəllimdən xahiş edərdim ki, o yolun tikintisinin sürətləndirilməsinə dəstək versin.
Hörmətli mədəniyyət naziri buradadır. Tovuzun mərkəzi mədəniyyət evi çox bərbad vəziyyətdədir. Mən bunu keçən dəfə də demişdim. Əbülfəs müəllim də dəstək verəcəyini bildirmişdi. Amma hələ də bu düzəlməyib.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Biz keçən əsrdə, 1990-cı illərin ortalarında ölkədə bir sabitlik yaratdıq və bir minilliyin sonu, o biri minilliyin əvvəllərində ölkədə iqtisadi inkişaf, ölkənin təşkil olunması başladı. O dövrdən qısa bir müddət keçibdir. Ona görə də biz istənilən il bu və ya digər hesabata, xüsusən də hökumətin hesabatına qulaq asanda unutmamalıyıq ki, biz indi hansı sürətlə hərəkət edirik və bu gün bizim cəmiyyətimizdə hansı hadisələr, hansı keyfiyyət dəyişiklikləri baş verir. Əlbəttə, hökumətin bu hesabatı həm bu inkişaf tempini çox yaxşı əks etdirir, həm də, eyni zamanda, kifayət qədər professional hazırlanmış bir hesabatdır. Özü də yalnız hökumət bu hesabat professionallığına yiyələnmir, həm də millət vəkilləri bu hesabatı qəbul etmək professionallığına yiyələnirlər. Onu da nəzərə almaq lazımdır ki, məsləhət vermək çox asandır, görülən işlərdə iştirak etmək daha mürəkkəb məsələdir.
Biz, əlbəttə, millət vəkilləri olaraq hökumətin işində həmişə bu və ya digər şəkildə iştirak edirik. Ona görə də istənilən ilin sonunda verilən bu hesabatla bağlı bizim birdən-birə nə isə inqilabi bir fikir deməyimiz məntiqsiz şeydir. Ona görə ki, biz istənilən məqamda hökumətlə əlaqə yaratmaqla bilirik ki, ölkədə nə hadisələr baş verir. Mənim sözüm ondan ibarətdir ki, birinci növbədə cəmiyyətin irəlidə gedən pasionar qüvvələri ilə işləmək lazımdır. Cəmiyyətdə kasıb da olacaq, yoxsul da olacaq, problemli regionlar da olacaq, problemli zümrələr də olacaq. Əgər bu və ya digər hökumət ancaq problemləri həll etməklə məşğul olacaqsa, onda istər-istəməz o cəmiyyətin inkişafı normal şəkildə getməyəcək. Bizim dövlətin siyasətində də bu var. Biz xüsusilə dövlət quruculuğunun ilk illərində pasionar qüvvələrlə işləməliyik. Ən müxtəlif sahələrdə – iqtisadiyyatda da, sosial-siyasi həyatda da, mədəni həyatda da əgər biz irəlidə gedən gücü nəzərdə tutub onunla addımlamasaq, ancaq problemləri müzakirə edə-edə qalsaq, onda istər-istəməz bizim inkişafımız alınmayacaq.
Mən təsərrüfat adamı deyiləm, təsərrüfatdan, ümumiyyətlə, başım çıxmır. Bu gün Azərbaycanda ictimai-mənəvi həyat yüksəlişdədir. Bu da, hamımız bilirik ki, iqtisadi bazis olmasa, iqtisadiyyatın inkişafı olmasa, mümkün deyil. Azərbaycanın ictimai-mənəvi həyatında ildən-ilə yüksək bir inkişaf gedir. Azərbaycan insanı özünü təsdiq edir, Azərbaycan vətəndaşı yetişir. Biz özümüzü birdən-birə Amerika ilə, İngiltərə ilə, Fransa ilə müqayisə edə bilmərik. Belə bir müqayisə məntiqli deyil. Ona görə də baş verən hadisələri öz intonasiyası, öz tempi, öz xarakteri ilə dərk etmək, ifadə etmək lazımdır.
Biz dünən Bakı Dövlət Universitetində universitetin elmi hesabatında iştirak etdik. Dərhal hiss olunur ki, elmi-intellektual mühit nə şəkildə inkişafdadır, özünü necə hiss etdirir, elm adamının maraqları necədir, elm adamının düşüncə tərzi və iş qabiliyyəti necədir. Bu bizim inkişafımızın birbaşa nəticəsidir. Yəni biz çoxlu rəqəmlər də gətirə bilərik, faktlar da deyə bilərik. O rəqəmləri, faktları müxtəlif cür də yozmaq olar. Amma görünən şeylər var, tədqiqatlar var. Təsəvvür edin ki, universitetin bir illik elmi hesabatını təxminən 500 səhifəlik bir mətnlə təqdim etmişdilər. Görülən işlər göz qabağındadır və bunu qeyd etmək lazımdır.
Bizim təhsilimizdə, doğrudan, böyük canlanma var. Bizim gəncliyimiz kifayət qədər yaxşı təhsil almağa, vətəndaş kimi yetişməyə imkanları olan bir gənclikdir. Mən daha tikilən məktəbləri demirəm, məktəblərimizin yavaş-yavaş daha yaxşı, daha keyfiyyətli kadrlarla təmin olunmasını demirəm. Doğrudan da, gələcəyə məhz gəncliklə baxmaq lazımdır. O cəhətdən də Nazirlər Kabinetinin bu sahədəki işləri təqdirəlayiqdir.
Ən böyük nailiyyətlər mədəniyyət sahəsindədir. Bizim müxalifətçi yoldaşların çıxışlarına da fikir verdim. Mədəniyyət sahəsindəki inkişafı heç kim inkar edə bilmir. Ona görə ki, burada vəziyyət çox yaxşıdır. Bu da çox mühüm bir cəhətdir ki, ölkənin mədəni inkişafı üçün respublikanın bütün nazirlikləri qayğı göstərir, mədəniyyət, incəsənət xadimlərinin istənilən müraciətinə “yox” deyən olmur və bu da mühüm məsələdir.
Milli və Akademik teatrlarla bağlı bizim qanunumuzda nəzərdə tutulan maaş artımı həyata keçirildiyi üçün mən Artur müəllimə təşəkkür etmək istəyirəm. Mən onunla tamamilə şərikəm ki, qanunlarda gərək maaşla bağlı bu cür maddələr olmasın. Amma vəziyyət belədir və hələlik keçid dövrü üçün belə bilirəm ki, bunu məqbul saymaq olar. Biz artıq yeni qanun hazırlayırıq. Bizim 10 illərlə yaşı olan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı kimi yaradıcı təşkilatlarımız var. Bunlar bizim cəmiyyətimizin intellektini, incəsənət texnologiyalarını idarə edən qurumlardır. Onlardan bəziləri maliyyə vəsaiti ilə təmin olunur, bəziləri yox. Bu qurumlara, elə bilirəm ki, maliyyə vəsaiti ayırmaq çox yaxşı olardı, çünki hər halda bu bir incəsənət, mədəniyyət quruculuğu məsələsidir və həm də tarixə bizim çox böyük bir hörmətimizdir. Biz qəbul etdiyimiz qanunlarda mütləq icra orqanlarının iş təcrübəsini nəzərə almalı, onlarla bir yerdə hərəkət etməli, görülən işlərdə bir yerdə olmalıyıq ki, sonra bir-birimizi anlamamaq problemi ortaya çıxmasın.
Sözümün sonunda onu da demək istəyirəm ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin rəhbəri, Azərbaycanın xalq yazıçısı Anarın 70 yaşı tamam olur. O, uzun illər millət vəkili, bizim yoldaşımız olub. O bizim böyük ziyalımız, böyük mədəniyyət xadimimizdir. Onun da yubileyini təbrik edək. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Çox üzr istəyirəm, bəlkə mənim çıxışım yenə də kiminsə xoşuna gəlməyəcək. Nazirlər Kabinetinin səlahiyyətləri və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında aydın yazılmışdır. Bu hesabat da o vəzifələr çərçivəsində təsdiq olunmuş büdcənin, təsdiq olunmuş proqramların icrası haqqındadır. Yəni Nazirlər Kabineti verilmiş səlahiyyətlər və vəzifələr çərçivəsində təsdiq olunmuş büdcə və proqramların icrası haqqında hesabat verir. Burada, fikrimcə, nə tənqid, nə də tərif üçün yer var. Quru bir iqtisadi sənəddir. Bu sənədi təhlil edəndə hamı görür ki, büdcə çərçivəsində təsdiq olunmuş vəzifələr, həm iqtisadi, həm də sosial proqramlar yerinə yetirilibdir. Yerinə yetirilməyən bir şey varsa, onun haqqında danışmağa dəyər. Belə bir şey burada görünmür. Nazirlər Kabineti bizim təsdiq etdiyimiz büdcənin və Prezident tərəfindən təsdiq edilmiş proqramların icrası haqqında hesabat verir.
Bəzi çıxışlardan keçmiş sosialist meyarlarının qoxusu gəlir. Hökumət taxılı nə səpəcək, nə əkəcək, nə də yığacaqdır. Kəndçi bu gün yonca biçib 5 dəfə artıq pul qazana bilirsə, hökumət və ya icra başçısı o kəndçini məcbur edə bilməyəcək ki, sən taxıl ək, yaxud yonca ilə məşğul ol. Hər kəsin öz qərarıdır. Bu gün tətbiq etdiyimiz sistem bazar iqtisadiyyatıdır. Hər zaman üstünlükləri haqqında böyük vəcdlə danışdığımız bu sistemin əsasında təşəbbüskarlıq, konkret şəxsin təşəbbüskarlığı durur. Onun qarşısını almaq düzgün deyil. Çünki onda iqtisadi inkişaf ola bilməz.
Bu nöqteyi-nəzərdən, mənim fikrimcə, Nazirlər Kabinetinin hesabatını qəbul etmək, ona minnətdarlıq bildirmək lazımdır. Çünki Nazirlər Kabineti qəbul etdiyimiz büdcə çərçivəsində üzərinə düşən vəzifələri yerinə yetirib, təsdiq olunan proqramları həyata keçirib. Mən ona gələcək işində uğurlar arzulayıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və dəvət olunan qonaqlar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, Avropa təsərrüfat sisteminə inteqrasiya yolunda ciddi layihələr reallığa çevrilir. Nazirlər Kabinetinin 2007-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz son 4 il ərzində aparılan əsaslı iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadiyyatın həcminin 96 faiz, təxminən iki dəfə artdığını bildirərək bunun dünyada analoqu olmayan bir göstərici olduğunu qeyd etmişdir.
Geniş və ətraflı şəkildə hazırlanaraq müzakirəmizə təqdim edilmiş hesabatdan göründüyü kimi, faktiki inkişaf göstəricilərinə görə 2007-ci il son 4 ilin ən uğurlu ili olmuşdur. İnkişafın əsas makrogöstəricisi olan ümumi daxili məhsul istehsalı 25 milyard manatdan çox olmuşdur. Ən önəmli nailiyyətimiz qeyri-neft sektorunun sürətli inkişafıdır. Burada 4 il ərzində artım iki dəfədən çox olmuşdur. Hesabat ilində əsas kapitala yönəldilmiş ümumi investisiyanın 50 faizə qədəri qeyri-neft sektorunun inkişafı üçün istifadə edilmiş və əvvəlki illə müqayisədə bu sahəyə yönəldilən investisiyaların həcmi 29 faiz çox olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin yoxsulluğun azaldılması ilə bağlı müvafiq sərəncamına uyğun olaraq Nazirlər Kabineti tərəfindən hazırlanan yeni dövlət proqramı layihəsində də yoxsulluğun azaldılmasına yönəldilmiş 9 əsas strateji məqsəddən biri kimi məhz qeyri-neft sektorunun inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Bu sahədə aparılan islahatlar nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 4 il ərzində 49 faizdən 16 faizə düşmüşdür.
Ölkə iqtisadiyyatında çox önəmli yeri olan nəqliyyat infrastrukturunun tərəqqi dövrünə qədəm qoyması danılmaz faktdır. Bu sahənin inkişafının daha da sürətlənməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, qeyd edilən sektor inkişaf etmədən iqtisadiyyatın sosial sahələrinin irəliləyişi qeyri-mümkündür. Hesabat ilində nəqliyyat sektorunun göstəricilərində ciddi artım müşahidə olunmuşdur. Bütün növ nəqliyyat vasitələri ilə əvvəlki ilə nisbətən 15 faiz çox yük daşınmışdır. Avropa–Qafqaz–Asiya beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsindən 48 milyon ton yük götürülmüşdür.
Yol infrastrukturu üzrə nəzərdə tutulmuş işlərin icrası ilə bağlı olaraq hesabat dövründə yol qovşaqlarının və piyada keçidlərinin inşası davam etdirilmiş, avtomobil yollarının yenidən qurulması və tikintisi dövlət büdcəsi və sərmayələr hesabına həyata keçirilmişdir. Azərbaycan regionun aparıcı dövləti olaraq neft-qaz sektorunda olduğu kimi, nəqliyyat sahəsində də transmilli layihələrin reallaşmasına xüsusi önəm vermiş və qloballaşan dünyada Xəzər–Qafqaz regionu üçün böyük siyasi və iqtisadi əhəmiyyətə malik Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisinə başlanmışdır. Sevindirici hal kimi xüsusilə qeyd etmək lazımdır ki, bu layihə Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilir. Bu faktın özü ölkəmizin qüdrətinin gündən-günə möhkəmlənməsini bariz şəkildə əks etdirir.
Avtomobil və dəmir yollarına birbaşa çıxışı olan ərazidə Azərbaycan və region üçün mühüm əhəmiyyət daşıyan nəhəng nəqliyyat qovşağının yaradılması və gələcəkdə bu ərazidə xüsusi iqtisadi zonanın salınmasına şərait yaradacaq yeni dəniz limanının inşası istiqamətində də lazımi tədbirlər həyata keçirilir. Nəqliyyat sektorunun və digər sahələrin də il ərzində kifayət qədər inkişaf etdiyini əminliklə söyləmək olar.
Hesabat ilində xüsusi diqqət yetirilən sahələrdən biri də ekologiya və təbii sərvətlər sektoru olmuşdur.  Ölkədə ekoloji tarazlığın bərpasına yönəldilmiş milli və dövlət proqramlarında nəzərdə tutulmuş zəruri tədbirlər yerinə yetirilmiş, prioritet layihələr icra edilmişdir.
Mən hökumətin 2007-ci ildəki fəaliyyətinə dair hesabatı məqbul hesab edirəm. Ötən ilin uğurları və başlanmış işlərin sürəti nazirlik və komitələrin cari ildə daha fəal olacaqlarına, qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəyinə əsas verir. Bu işlərin icrasında, ölkə başçısının rəhbərliyi ilə müstəqil dövlətimizin qüdrətlənməsi yolunda hökumət üzvlərinə uğurlar diləyir, möhtərəm Prezidentimizi, hökumət üzvlərini və hörmətli həmkarlarımı qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.
Hörmətli cənab Sədr, qalan 5 dəqiqəni hörmətli həmkarım Abel Məhərrəmova verməyinizi xahiş edirəm.
Sədrlik edən. Buyurun, Abel müəllim.
A. Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! İlk növbədə hər birinizi bir daha salamlayıram. Bu gün, doğrudan da, çox dəyərli bir hesabatı dinlədik. Hesabatı dinləyərkən hər birimiz qürur hissi keçirdik. On illərlə arzuladığımız böyük iqtisadi göstəriciləri bu gün dinlədik. Bu göstəricilər inkişaf dinamikasına görə bəlkə də bir çox ölkələrdə analoqu olmayan bir iqtisadi uğurdur.
Hörmətli cənab Baş nazir çox məntiqli, məzmunlu, mən deyərdim, bəlkə də akademik bir hesabat verdi. Mən belə düşünürdüm ki, Artur müəllim çıxışını qurtararkən hamımız əl çalacağıq, təşəkkürümüzü bildirəcəyik. Ancaq əfsuslar olsun ki, düyməni basma metodikasını biz bilmədiyimizə görə başımıza çox problemlər gəlir. Bəzilərinin də bəxti gətirir. Əlini atan kimi birinci və ya ikinci düşürlər. Ona görə bir az qanımız qaraldı. Açığını deyim ki, saat yarım sol tərəfə, Artur müəllim tərəfə baxa bilmədim. Çünki Artur müəllim uzun illərdir Azərbaycan hökumətinə layiqincə rəhbərlik edir, böyük idarəçilik təcrübəsi var. Bununla bərabər Artur müəllim çox böyük ziyalıdır. Belə böyük ziyalılar haqqında təsadüfi sözlər demək, yersiz, qara ləkələr yaxmaq, hesab edirəm ki, düzgün deyil və heç kimə yaraşmır.
Hökumətin işini mən çox yüksək qiymətləndirirəm. Hara baxırsan, yeni məktəblər tikilir, yeni binalar ucalır, yollar çəkilir, körpülər tikilir. Bu statistik rəqəmlərin arxasında canlı, real işlər durur. Ona görə təkcə rəqəmləri analiz etmək lazım deyil. Göz açıb baxmaq lazımdır. Maşınların əlindən həyətlərə girə bilmirik, şəhərdə tıxaclar artıb. Bu nə göstəricisidir? Məgər bu, yoxsulluq, kasıblıqdırmı? Əslində, bu həm ölkə iqtisadiyyatının sürətli inkişafı, həm də cəmiyyətin sosial problemlərinin uğurlu həlli deməkdir.
2007-ci ilin uğuru çox böyükdür. Burada faktlar sadalandı, mən onlara qayıtmaq istəmirəm. Ancaq ən vacib xüsusiyyətlərdən biri odur ki, 2007-ci ildə 2008–2011-ci illər üçün sosial-iqtisadi inkişaf konsepsiyası hazırlanmışdır. Buna xüsusi fikir vermək, bu konsepsiyanın necə həyata keçiriləcəyi barədə düşünmək lazımdır.
Məni narahat edən bir məqam var. Onu sual şəklində yox, əslində, elə düşüncəm kimi ortaya qoymaq istəyirəm. Bilirsiniz ki, iqtisadiyyatımızın inkişafı, əsasən, sənaye ilə bağlıdır. Son 4 ildə sənayemiz 2,4 dəfə artıb. Yalnız 2007-ci ildə Azərbaycanda 20,3 milyard manatlıq sənaye məhsulu istehsal olunub. Onun 72 faizi yeraltı karbohidrogenlərin istehsalı, 22 faizi emal sənayesi, 5,9 faizi də enerji, qaz və suyun hesabına əmələ gəlib. Düşünürəm ki, gələcəkdə hökumət üzvləri, yəqin, bunu düz istiqamətləndirər, karbohidrogen istehsalının bir hissəsini emala yönəldə bilərlər. Belə olsa, neft məhsullarının satışından iki-üç dəfə artıq gəlir götürə bilərik.
Sədrlik edən. Çox sağ olun. Biz danışdıq ki, suallara vaxt sərf etməyək, çıxış eləyənlər çox olsun. Azər Əmiraslanov.
A. Əmiraslanov. Cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri və hökumət üzvləri! Nazirlər Kabinetinin parlament qarşısında hesabat verməsi ənənəsi və bu prosedurun ildən-ilə təkmilləşməsi icra strukturlarının məsuliyyətini daha da artırır, onların fəaliyyətində şəffaflığı təmin edir. Bu hesabat ölkənin ümumi sosial-iqtisadi problemlərinin birgə müzakirəsinə şərait yaratdığı üçün bu imkanı həm millət vəkilləri, həm də hökumət üzvləri dəyərləndirməlidirlər.
Keçmiş ittifaq respublikalarının bir çoxundan fərqli olaraq bu gün ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycanın siyasi hakimiyyət sistemi stabil və effektli bir şəkildə idarə olunur. Hakimiyyətin icra və qanunverici orqanları arasında konstruktiv əməkdaşlıq ölkədə vahid dövlət siyasətinin həyata keçirilməsinə əlverişli şərait yaradır. Nazirlər Kabinetinin parlament qarşısında bugünkü hesabatı və aparılan müzakirələr də hakimiyyətin qolları arasında konstruktiv birgə fəaliyyətin bir nümunəsi olaraq qəbul edilə bilər.
Siyasi impuls olmadan iqtisadi və institusional islahatları həyata keçirmək mümkün deyil. Bu mənada ölkə başçısının fəaliyyəti hökumətin iqtisadi bloku üçün verilən siyasi dəstək və impuls olaraq dəyərləndirilməlidir. Hesab edirik ki, yaradılan bu şəraitdən daha səmərəli və məhsuldar istifadə edilməsi Nazirlər Kabinetinin fəaliyyətinin əsas hədəfi və başlıca vəzifəsi olmalıdır.
Son dövrlər belə bir fikir səslənir ki, Nazirlər Kabinetinin hesabatı ölkə rəhbərinin hesabatı təsirini bağışlayır. Bununla bağlı bəzi məqamları qeyd etmək istərdim. Birincisi, biz ölkə başçısının deyil, onun formalaşdırdığı Nazirlər Kabinetinin hesabatını dinləyirik. İkincisi, Nazirlər Kabinetinin hesabatı zamanı ölkə başçısının fəaliyyətinin qeyd edilməsi təbii və məntiqi hesab edilməlidir. Ona görə ki, Azərbaycan Respublikasının Prezidenti ölkədə yeniləşmənin, o cümlədən bütün mütərəqqi sosial-iqtisadi təşəbbüslərin müəllifi kimi xüsusi bir missiya həyata keçirir, dövlətin iqtisadi və sosial proqramlarını təsdiq edir. Nəhayət, Nazirlər Kabineti Prezidentin yuxarı icra strukturu olaraq onun göstərişlərinin həyata keçirilməsini təmin edir.
Ümumiyyətlə, sosial-iqtisadi sahədə davamlı və genişmiqyaslı uğurların əldə edilməsində ölkə başçısı tərəfindən Nazirlər Kabinetinin fəaliyyətinin çevik istiqamətləndirilməsi, ona daha düzgün oriyentirlərin verilməsi həlledici rol oynamışdır. Heç də təsadüfi deyildir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı 2008-ci ildə təqdim etdiyi “Keçid dövründə həyat” adlanan hesabatında Azərbaycanda Prezident institutuna böyük inam və etimadın olduğunu göstərmiş və bunun regionda ən yüksək səviyyədə olduğunu qeyd etmişdir.
Hazırda hökumətin fəaliyyəti yalnız statistik göstəricilərlə deyil, həm də konkret nəticələrlə xarakterizə olunur. Açılan iş yerləri, tikilən təhsil və səhiyyə ocaqları, istifadəyə verilən infrastruktur obyektləri artıq statistika deyil, görülmüş işlərin konkret nəticələridir. Ölkəmizin təkcə bu günü üçün deyil, həm də perspektiv inkişafı üçün çox əsaslı bünövrə qoyulmaqdadır. Cənab Prezidentin bilavasitə rəhbərliyi ilə hökumətin gördüyü işlər 5–10 ildən sonra daha qabarıq şəkildə öz müsbət nəticələrini göstərəcək. Danılmaz fakt ondan ibarətdir ki, ölkəmizin iqtisadiyyatı inkişaf etdikcə, dövlətimizin iqtisadi dayaqları möhkəmləndikcə iqtisadi məsələlərlə bağlı əks arqumentlər, mən deyərdim, əks-təbliğat zəif təsir bağışlayır.
Gəlin, baxaq görək, ölkəmizin bugünkü iqtisadi inkişafı fonunda səsləndirilən fikirlər nədən ibarətdir. Məsələn, qeyd edilir ki, ümumi daxili məhsulun artım tempi 2011-ci ildə 3,5 faizə enəcək və bu, iqtisadi böhran kimi təqdim olunur. Əslində, bu dövr böhran kimi deyil, iqtisadi artımda keyfiyyət dəyişiklikləri dövrü kimi xarakterizə olunur. Başqa sözlə, həmin dövrdə neft sektorunda 1 faiz azalma baş verə biləcəyi halda qeyri-neft sektorunda 9 faizlik artım proqnozlaşdırılır. Bu, iqtisadiyyatda qeyri-neft sektorunun payının artması tendensiyasını göstərir. Digər bir tərəfdən də iqtisadiyyatda silsiləvi inkişaf anlayışı var. Yəni hər hansı bir ölkədə iqtisadiyyat və ya konkret sahə davamlı olaraq yüksək artım göstəricisi nümayiş etdirə bilməz.
Xarici borcun kritik həddə çatması ilə bağlı fikirlər səsləndirilir. Halbuki ölkəmiz kritik hesab olunan həddən 5 dəfə aşağı borc yükünə malikdir. Adambaşına düşən xarici borc məbləği isə vətəndaşın deyil, məhz dövlətin öhdəliyində olan borcdur və bunun vətəndaşa heç bir aidiyyəti yoxdur.
Çox təəssüf edirik ki, bəzi həmkarlarımız Nigeriya iqtisadiyyatı ilə tanış olmadan, orada neft gəlirlərinin istifadə edilməsi xüsusiyyətlərini bilmədən Azərbaycanı bu ölkə ilə müqayisə edirlər. Bircə faktı qeyd etmək istərdik ki, Nigeriyada neft gəlirlərinin artması ilə yoxsulluq səviyyəsi düz mütənasib olduğu halda, Azərbaycanda neft dollarlarının artması yoxsulluğun əhəmiyyətli dərəcədə azalması ilə müşayiət edilir. Daha çox təəssüf doğuran isə Azərbaycanın Ermənistanla müqayisəsi cəhdləridir. Bəziləri işğalçı ölkənin hər hansı bir üstün göstəricisini və ya rəqəmini tapmaq üçün xeyli əmək sərf edirlər. Tapa bilmədikdə isə çox primitiv faktlara istinad olunur. Məsələn, sən demə, Azərbaycanda hər min nəfərə 119 şəhər telefonu düşdüyü halda Ermənistanda bu göstərici 176-dır. Bu, ölkəmizin iqtisadi artımı və inkişafını guya şübhə altına alan rəqəm kimi təqdim olunur. Bu cür primitiv faktların verilməsi heç kimə başucalığı gətirmir.
Təqdim edilmiş hesabat və onun strukturu ilə bağlı fikirlərimizi də bildirmək istərdik. Əvvəlki hesabatla müqayisədə bir sıra təkmilləşmələr edilsə də, hesabatda müəyyən xətalara yol verilib. Məsələn, hesabatın “Real sektor” adlanan bölməsinə həyat səviyyəsi ilə bağlı məsələlər, yoxsulluğun səviyyəsi, məşğulluq, işsizlik, əhalinin pul gəlirləri daxil edilib. Halbuki real sektor iqtisadiyyatın maddi istehsal sahələrini əhatə edir. Hesabata həyat səviyyəsi, əhalinin sosial müdafiəsi, sosial təminatı ilə bağlı xüsusi bir bölmənin daxil edilməsinə ehtiyac var.
Deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələrin icrası barədə məlumatın verilməsini hesabatın təkmilləşdirilməsi istiqamətində çox mühüm yenilik kimi qiymətləndiririk. Lakin burada cari məsələlərə geniş yer ayrılmasına, fikrimizcə, ehtiyac yoxdur. Məsələn, Masallıda 3 saylı orta məktəbin əsaslı təmiri ilə bağlı bir səhifəlik, Tovuzun və Zərdabın problemləri barədə iki səhifəlik, Bərdəyə dair isə üç səhifəlik arayış verilib. Fikrimizcə, hesabatda konseptual məsələlərə münasibət bildirilməlidir.
Hesabatda ayrı-ayrı dövlət proqramlarının icra vəziyyəti ilə bağlı məlumatların verilməsi müsbət qiymətləndirilməlidir. Lakin layihə şəklində işlənilmiş və hələ təsdiq edilməmiş proqramların, onun ayrı-ayrı müddəalarının hesabata daxil edilməsini məqsədəuyğun hesab etmirik.
Hesabatda yoxsulluq səviyyəsinin 2015-ci ilədək inkişaf etmiş ölkələrin səviyyəsinə endirilməsi nəzərdə tutulur. Fikrimizcə, yoxsulluqla mübarizə sahəsində bu gün qeyri-müəyyən hədəflərin seçilməsi doğru olmazdı. Ona görə ki, birincisi, bu ölkələrdə yoxsulluq səviyyəsinin diapazonu bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. İkincisi, Azərbaycanda iqtisadi inkişafın nəticəsi olaraq yoxsulluq kəskin azaldığı halda, inkişaf etmiş ölkələrin bir çoxunda yoxsulluq və təbəqələşmə, əksinə, artmaqdadır.
Hesabatda əksini tapan məlumatlar bütün sahələrdə hökumətin ciddi uğurlar qazandığını göstərir. Lakin hesab edirik ki, hesabatda təkcə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən deyil, həm də iqtisadi siyasətdən, hökumətin bu və ya digər məsələyə dair konseptual baxışından, hansı istiqamətlər üzrə dövlət siyasətinə korrektlərin edilməsi zəruriliyindən də bəhs olunmalıdır. Hökumət parlament qarşısında təkcə hesabat verməməli, həm də nəzərdə tutulan prioritet istiqamətlər üçün hansı qanunvericilik bazasının zəruri olduğunu millət vəkillərinin diqqətinə çatdırmalı, bir növ Milli Məclisin qanunvericilik fəaliyyəti üçün müəyyən oriyentirlər verməlidir. Nazirlər Kabineti tərəfindən iqtisadi və sosial sahədə müəyyən edilmiş prioritetlərin, növbəti il üçün planlaşdırılan işlərin, makroiqtisadi hədəflərin və göstəricilərin də hesabatda əks etdirilməsi məqsədəuyğun olardı. Ümumiyyətlə, hesabata növbəti ilin vəzifələri ilə bağlı xüsusi bir bölmənin əlavə edilməsini təklif edirik.
Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı bəzi təkliflərimizi də bildirmək istərdik. Qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi əsaslandırılmış sənaye siyasətinin reallaşdırılmasını tələb edir. Müəyyən edilmiş sənaye siyasətinin konturları nədən ibarətdir və bu məsələdə hökumətin yanaşması və mövqeyi necədir? Bu kimi sualların hökumət üzvləri tərəfindən cavablandırılmasını vacib hesab edirik. O cümlədən dövlət investisiyalarının artırılması və yeni dövrün tələblərini nəzərə alan investisiya siyasətinin işlənməsini də kölgədə qoymamalıdır.
Məlum olduğu kimi, hazırkı mərhələdə Milli Məclisin iqtisadi qanunvericilik sahəsində əsas fəaliyyəti mövcud qanunların Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bunu nəzərə alaraq, Ümumdünya Ticarət Təşkilatı üzvlüyü ilə bağlı danışıqlar prosesinə parlament üzvlərinin də cəlb edilməsini təklif edirik.
Təzadlı məqam ondan ibarətdir ki, ölkəmizdə iqtisadi sahədə əldə edilən davamlı uğurlar böyük xüsusi çəkiyə malik olsa da, iqtisadiyyatımızla bağlı olan məsələlər qeyri-ardıcıl təbliğ olunur. İqtisadi təbliğat iqtisadi siyasət və islahat texnologiyasının çox mühüm komponentidir. Ən azı ona görə bu sahədəki uzunmüddətli fəaliyyətsizliyə son qoyulmalı və qeyd edilən istiqamətdə əsaslı dönüş yaradılmalıdır. Nazirlər Kabinetinin 2007-ci ildəki fəaliyyətini uğurlu hesab edir və hökumət üzvlərinə qarşıda duran vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayırıq.
Sədrlik edən. Çox sağ olun. Amma Azər müəllim, Ermənistanda şəhər telefonlarının sayını bu ölkənin iqtisadiyyatının inkişaf göstəricisi kimi qəbul edənlər bilməlidirlər ki, son iki ilə qədər Ermənistanda mobil telefonların heç rouminqləri yox idi, onlarda rouminq təzəlikcə açılıb.
Mən hesab edirəm ki, Novruz bayramı ərəfəsində Bahar xanıma, xanım müavinə söz verməsək, narazı olar. Bahar xanım, buyurun.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, xanım müavinin işi həm çətindir, həm də asan. Ona görə ki, bütün deyiləsi fikirlər, deyilməsi mümkün olan iradlar söylənilib. Asandır, ona görə ki, bunları ümumiləşdirmək olar. Biz bu gün nə əldə etmişik? Mən hesabatın strukturu ilə, oradakı rəqəmlərlə bağlı fikir söyləmək istəmirəm. Yanlışlığa da yol vermək istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, təkcə 2007-ci ildə yox, Azərbaycanda Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qarşımıza məqsədlər qoyulmuşdur. Bütün bu illər ərzində həmin məqsədlərə çatmaq yolları araşdırılıb, tədbirlər, işlər görülüb. Biz hazırda bunların nəticələrini hiss etməkdəyik.
Nə idi bu işlər, bizim qarşımızda duran məqsədlər nə idi? Bizim qarşımızda duran məqsəd ondan ibarət idi ki, Azərbaycanı düşdüyü çətin durumdan, ölkə iqtisadiyyatını tənəzzüldən qurtaraq və onu inkişafa yönəldə bilək. Bu gün Azərbaycan iqtisadiyyatı yüksək inkişaf tempi ilə seçilir və dünyada son illər bu tempə görə liderlik edir. Biz Azərbaycanın bütün təbii sərvətlərini Azərbaycan xalqının, dövlətinin, eləcə də Azərbaycanın yerləşdiyi bölgənin malı etmək üçün bu resurslardan istifadənin yollarını arayırdıq. Biz artıq bunu tapmışıq. Bu resurslar həm Azərbaycana, həm Azərbaycana dost ölkələrə, həm də dünyaya xidmət edir. Biz Azərbaycanı kredit alan ölkədən kredit verən, investisiya qoyulan ölkədən investisiya qoyan ölkəyə çevirmək istəyirdik. Bu gün burada səslənən çıxışlarda və hesabatlarda belə faktlar çox bariz şəkildə öz əksini tapır. Azərbaycan artıq investisiya qoyan ölkəyə çevrilir və kifayət qədər ciddi maliyyə imkanlarına malikdir.
Biz Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək istəyirdik, həm sənaye sahəsində, həm də kənd təsərrüfatı sahəsində xammal ixrac edən ölkədən məhsul, mal ixrac edən ölkəyə çevirmək istəyirdik. Bu gün Azərbaycan bu vəzifəni də yerinə yetirməkdədir. Düzdür, bəzən kənd təsərrüfatı haqqında bədbin fikirlər səslənir. Amma bu bir faktdır ki, bizim hər birimizin regionlarla əlaqəmiz var. Regionların həm ümumi simasının dəyişməsində, həm də kənd təsərrüfatının inkişafında xeyli addımlar atılır. Dövlət həmin sahəni daim nəzarətdə saxlayır. Görülən bütün işlər bu sahənin ciddi şəkildə inkişafına rəvac verir. Bu gün artıq Azərbaycanın müxtəlif bölgələrini gəzən adamlar şahidlik edə bilərlər ki, Azərbaycanın kənd təsərrüfatı təkcə xammal istehsal etmir, həmin xammalı emal edir. Emal müəssisələrinin məhsulları ən qabaqcıl ölkələrə ixrac olunur.
Biz Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşımıza məqsəd qoymuşduq. Bu gün artıq rəqəmlərin müqayisələri göstərir ki, qeyri-neft sektoru kifayət qədər ciddi artım tempinə malikdir. Azərbaycanda neftdən, enerji resurslarının işlənməsindən əldə olunan gəlirin bu sahəyə tətbiqinin daha şəffaf mexanizmləri vardır. Neft gəlirlərinin şəffaflığına görə Azərbaycanın aldığı qiymət bunu sübut edir. Birləşmiş Millətlər Təşkilatının ötən il, səhv etmirəmsə, medalına layiq görülmüşdür. Bunun özü ayrı-ayrı proqramlara qoyulan vəsaitlərin, dövlətin ayırdığı maliyyənin neqativ istiqamətlərdə xərclənməsi ilə bağlı həm mətbuatda, həm də burada söylənilən fikirlərin hamısını puça çıxarır.
Biz qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycan gözəl infrastruktura malik olmalıdır. Azərbaycanın yolları ən yüksək standartlara cavab verməlidir. Azərbaycanda gözəl körpülər, yol ötürücüləri tikilməlidir. Şəhərlərin, kəndlərin siması dəyişməlidir, abadlıq işləri aparılmalıdır. Hazırda bu istiqamətdə kifayət qədər işlər görülüb ki, bunları sadalamaqla qurtara bilmərik. Mənə elə gəlir ki, görülən işlər haqqında burada hesabat vermək üçün bir neçə gün lazım olar.
Biz nəzərdə tutmuşduq ki, Azərbaycanın incəsənət, maddi, mədəni abidələri ən yüksək standartlara cavab verməli və onlar ilkin görkəminə qayıtmalıdır. Azərbaycanın həmin abidələri öz simasını dəyişir. Bakı şəhərində və regionlarda tarixi məzmun daşıyan obyektlər və ümumiyyətlə, insanların yaşadıqları mənzillər, evlər təmir olunur və onların siması dəyişir. Biz Azərbaycanın tarixi abidələrini qorumalıyıq. Burada İçəri şəhərdən söhbət getdi. İçəri şəhər də daxil olmaqla tarixi abidələrin qorunmasını qarşımıza məqsəd qoymuşduq. Bu gün nədənsə İçəri şəhər də daxil olmaqla, bu abidələrin dağıdılmasından danışılır. Amma bu istiqamətdə görülən miqyasa gəlməyəcək işlərdən danışılmır. İçəri şəhərin özündə, Bakı şəhərinin ən müxtəlif hissələrində bu istiqamətdə nə qədər ciddi addımlar atılır. Görülən həmin işlər də şəhərin əvvəlki görkəmini qaytarmaqla yanaşı, ona, eyni zamanda, müasirlik xarakteri vermək və bizi bütün mənalarda dünyaya qovuşdurmaq məqsədi daşıyır. Bu gün Azərbaycan hökuməti, onun ayrı-ayrı strukturları bu işlə məşğuldurlar.
Biz Azərbaycanı azad, sivil, demokratik bir ölkəyə çevirməyi qarşımıza məqsəd qoymuşuq. Bu məqsədimizə çatmaqdayıq və Azərbaycan bölgədə lider dövlətdir. Nəyin hesabına biz buna nail olmuşuq? Burada qeyd olunduğu kimi, Azərbaycanda neçə illərdir ki, ictimai, siyasi sabitlik mövcuddur. Bütün inkişafın, irəliləyişin, tərəqqinin açarı da bundan keçir. İctimai, siyasi cəhətdən sabit olmayan bir ölkədə nailiyyətdən danışmaq qeyri-mümkündür. Orada heç demokratiyadan danışmaq mümkün deyil. Azərbaycanda demokratik azadlıqların tam şəkildə bərqərar olmasının, insan haqlarının tam şəkildə yerinə yetirilməsinin, mətbuat azadlığının, dini etiqad azadlığının şahidi oluruq. Bu yaxınlarda Azərbaycana Vatikanın nümayəndəsi gəlmişdi. Onun söylədiklərini hamımız eşitdik. Təkcə onun söylədikləri təsdiq etmir, biz özümüz də hər gün şahid oluruq ki, Azərbaycanda ən məhdud sayda dini inanc sahibləri öz müqəddəs dini ocaqlarına malikdirlər. Hər hansı etiqad sahibi Azərbaycan dövlətinin qayğısı səviyyəsində buna nail ola bilir.
Biz Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafını qarşımıza məqsəd qoymuşduq. Ötən illər Azərbaycan Respublikası Prezidenti və Azərbaycan hökuməti səviyyəsində atılan addımlar, verilən sərəncamlar bu sahədə çox böyük irəliləyişləri ortaya qoyur. Biz insan hüquqlarının müdafiəsi sahəsində problemləri aradan qaldırmağı qarşımıza məqsəd qoymuşduq. Bu hesabat və elə bizim gündəlik həyatımız sübut edir ki, biz bu istiqamətdə nə qədər böyük uğurlara nail olmuşuq. Mən bu gün qəzetlərə baxıram, Prezident yanında yaradılacaq şuraya seçkilərin ilkin mərhələsi keçirilib. Bu da hüquq müdafiəsi təşkilatlarına bir töhfə olacaqdır. Təsəvvür edin ki, bu seçkilərin keçirilməsi çox razılıqla qarşılanıb. Lakin buna hazırlıq proseslərində müəyyən neqativ halların olacağı proqnozlaşdırılırdı. Bu gün istənilən həm iqtisadi, həm siyasi, həm də demokratik azadlıqlar sahəsində verilən bədbin proqnozlar günbəgün puça çıxır və Azərbaycanda bu proqnozlar özünü doğrultmur. Bəli, Gürcüstanda, Ukraynada, elə yaxın Ermənistanda baş verən hadisələrin Azərbaycanda da baş verə biləcəyi ilə hədələyənlər var. Bunların heç biri baş vermir və Azərbaycanda bunun üçün müvafiq mühit yoxdur.
Burada həmkarım Zahid Orucov danışdı, sağa-sola çox meyil etdi. Bəzilərində elə təsəvvür yarandı ki, doğrudan da, Azərbaycanda mövcud durumu dəyişməyə qadir olan qüvvələr var. Yoxdur belə bir qüvvə, Zahid müəllim, Siz narahat olmayın. Heç kəsi də belə qorxulu nağıllarla burada qorxutmağa ehtiyac yoxdur. Bu qorxulu nağılları, ümumiyyətlə, kənara atmaq lazımdır. Mövcud real həyatdan və onun reallıqları haqqında danışmaq lazımdır. Nə var bu gün Azərbaycanda? Bu gün Azərbaycanda siyasi, ictimai sabitlik, güclü iqtisadi yüksəliş var.
Azərbaycanın hüquq mühafizə, məhkəmə orqanlarında çox güclü islahatlar aparılır. Azərbaycanın parlamenti, Azərbaycanın Prezidenti və məhkəmə orqanları, yəni hakimiyyətin üç qanadı bir-biri ilə vahid əlaqədə, vəhdətdə fəaliyyət göstərir. Bu gün Azərbaycanda vahid idarəetmə üsulu cənab Prezidentin rəhbərliyi ilə çox ardıcıl şəkildə həyata keçirilir. Azərbaycanda və ondan kənarda bunu, bunun xarakterini dəyişməyə, həmin yoldan döndərməyə qadir bir qüvvə yoxdur. Qəzetlərdə İlham Əliyevi və ondan da əvvəl Heydər Əliyevi balanslı və tarazlı siyasət yürütməkdə ittiham edənlər bu gün həmin balanslı və tarazlı siyasətin Azərbaycanı, doğrudan da, qonşularla müqayisədə çox uğurlu bir yola apardığını və bu uğurlu yolun da davamlı olacağını görürlər.
Əziz həmkarlarım, qarşıdan Novruz bayramı gəlir. Mən sizin hər birinizi ilaxır çərşənbəsi, Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm! Cənab Prezidentimiz və Artur Rasizadə başda olmaqla, bütün hökumətə, onun üzvlərinə, ayrı-ayrı nazirlərə, komitələrə, baş idarələrə, həmin idarələrdə işləyən adi işçilərə və referentlərə, belə bir hesabatı bizim stolumuzun üzərinə gətirən insanların hər birinə öz təşəkkürümü bildirirəm.
Burada Artur müəllim söylədi ki, bu il cənab Prezidentin seçkilərdə uğur qazanması üçün böyük şanslar var. Artur müəllim, bu təkcə Prezidentin şansı deyil, həm də bizim şansımızdır, çünki seçicilərin qarşısına çıxanda deməyə sözümüz, göstərməyə işimiz, fəxr eləməyə nailiyyətlərimiz var. Hökumətin, cənab Prezidentin rəhbərliyi ilə və bizim də azacıq iştirakımızla görülən bu işlər bizim hər birimizin üzünü ağ edir. Həm Prezident seçkilərində, həm parlament seçkilərində bizim uğurlarımızı təmin edir. Deməli, Azərbaycanın inkişafını təmin edir.
Əziz həmkarlarım, gəlin, bu gün hökuməti qarşıdan gələn bayram münasibəti ilə ürəkdən təbrik edək, onlara bu çətin və şərəfli işlərində uğurlar arzulayaq! Millət vəkillərini də səbirli və dözümlü, dəyanətli olmağa və hökumətin işində ona dəstək olmağa çağıraq. Hesabatı da təsdiq etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.59 dəq.)
Lehinə 94
Əleyhinə 6
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hökuməti bir daha hesabatın qəbul edilməsi münasibəti ilə təbrik edirik. Çox sağ olun, qarşıdan gələn bayramınız mübarək!

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi