2008-ci il 2 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  81

Milli  Məclisin  iclas  salonu.
2  may  2008-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


 Azərbaycan  Respublikası
 Milli  Məclisinin  Sədri                               O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2  may  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 101
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, gündəlik hamınızda var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyi müzakirə edəkmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm ki, gündəliyin məzmunu hamıya aydındır. İşimiz çoxdur, çatdırmalıyıq. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Söz verilir Ziyad Səmədzadəyə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycan qloballaşan dünyada dinamik və sabit inkişaf edən dövlət kimi ildən-ilə öz nüfuzunu artırır.
Azərbaycanın iqtisadi qüdrətinin artması, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və əldə edilmiş nailiyyətlərin miqyası baxımından 2007-ci il ölkəmizin müasir tarixinə daha bir uğurlu il kimi daxil olmuşdur. Belə ki, iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi, neft strategiyasının, inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin azaldılması, digər sosial problemlərin həll edilməsi istiqamətində mühüm irəliləyiş əldə olunmuş, ölkəmizin transmilli layihələrdə iştirakı əhəmiyyətli dərəcədə genişlənmişdir. Bütün bunlar son nəticədə ölkə iqtisadiyyatına xas olan müsbət meyilləri daha da gücləndirmiş, mövcud potensialın əhəmiyyətli dərəcədə artırılması üçün real zəmin yaratmışdır.
Yəqin ki, hörmətli maliyyə naziri Samir Şərifovun və Hesablama Palatasının sədri Heydər Əsədovun çıxışlarında bu məsələlər daha konkret faktlarla geniş işıqlandırılacaqdır. Mən isə büdcənin icrası ilə əlaqədar bir neçə məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm. Bildirmək istəyirəm ki, 2007-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi İqtisadi siyasət daimi komissiyasının geniş iclasında ətraflı müzakirə edilmişdir. Müzakirələrdə maliyyə naziri, iqtisadi inkişaf naziri, Milli Bankın sədri və iqtisadi strukturları təmsil edən digər hökumət təşkilatlarının rəhbərləri, mütəxəssislər fəal iştirak etmişlər. Müzakirə əsasında belə qənaətə gəldik ki, 2007-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulmuş bütün tələblərə cavab verir. Ona görə İqtisadi siyasət daimi komissiyası bu qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxarmağı qərara almışdır.
Azərbaycanda dinamik inkişafın təmin edilməsi sahəsində əldə olunan nailiyyətləri əks etdirən rəqəmlər mətbuatda tez-tez işıqlandırılır. Dövlət başçısının çıxışlarında bu barədə ətraflı təhlil verilmişdir. Mən onu qeyd etmək istəyirəm ki, artıq bu gün makroiqtisadi göstəricilərin səviyyəsinə və dinamikasına görə Azərbaycan nəinki regionda, hətta dünyada lider dövlət kimi tanınır. Eyni zamanda, ümumi daxili məhsulun strukturunda mütərəqqi meyillər artmaqda davam edir. Söhbət qeyri-neft sektorunun artım sürətinin əvvəlki illərə nisbətən daha çox olmasından gedir. Maraqlı cəhət bir də ondan ibarətdir ki, neft sektorunun inkişaf tempi ilə qeyri-neft sektorunun inkişaf tempi arasında fərq azalmağa meyil edir və bu, şübhəsiz ki, müsbət hal kimi qiymətləndirilməlidir. Hazırda ümumi daxili məhsulun strukturunda bir sıra mütərəqqi dəyişikliklər baş verir ki, bunu da biz xüsusilə qeyd etməliyik. Bu gün ümumi daxili məhsulun 72,5 faizini məhsullar istehsalı, 22,5 faizini xidmət sahəsi təşkil edir. Biz çalışmalıyıq ki, real sektorun, yəni maddi istehsalın inkişaf kontekstində xidmət sahələrinin üstün inkişafına nail olaq. Hələ ki, Azərbaycan iqtisadiyyatında bu nisbətsizlik özünü göstərir.
Ən vacib nailiyyətlərdən biri ondan ibarətdir ki, hazırda Azərbaycanda ümumi daxili məhsulun adambaşına düşən həcmi 2981 manata, yəni təxminən 3000 manata çatmışdır. Müqayisə üçün onu qeyd etmək istərdim ki, 2003-cü ildə bu rəqəm cəmi 865 manat idi. Yəni bu dinamikanın özü ölkənin iqtisadi inkişaf səviyyəsi haqqında bizim obyektiv olaraq, birmənalı şəkildə fikir söyləməyimizə əsas verir. Azərbaycanın iqtisadi inkişaf səviyyəsi bu tempdə qalarsa, heç şübhəsiz ki, yaxın vaxtlarda ölkəmiz inkişaf etmiş dövlətlər səviyyəsinə çata bilər.
Komissiyada bu da vurğulandı ki, qloballaşan dünya iqtisadiyyatında baş verən proseslər də Azərbaycana öz təsirini göstərir. Lakin bu təsiri də obyektiv qiymətləndirməliyik. 2007-ci il dövlət büdcəsinin icrasının təhlilindən görürük ki, əhalinin gəlirləri 40,3 faiz artmışdır. Müqayisə üçün qeyd etmək istərdim ki, 2003-cü ildə bu artım 14,3 faiz təşkil edirdi. Lakin burada bir cəhəti də qeyd etmək lazımdır. Hörmətli Samir müəllim və Elman müəllim haqlı olaraq bu məsələnin təhlilinin müqayisəli şəkildə aparılmasını məqsədəuyğun saydılar. Çünki Azərbaycanda diqqəti cəlb edən ən vacib məsələlərdən biri ondan ibarətdir ki, iqtisadiyyatın inflyasiya təzyiqləri artır. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə Hesablama Palatasının rəyində də bu barədə konkret materiallar verilmişdir. İnflyasiya təzyiqlərinin artmasını da biz obyektiv qiymətləndirməliyik. Yəni dünyada baş verən proseslər dünya bazarında neftin qiymətinin və istehsal xərclərinin sürətlə artması istehlak bazarında qiymətlərin artmasına təsir göstərir və bu da heç şübhəsiz ki, müəyyən problemlər yaradır.
1999–2000-ci illərdə Beynəlxalq Valyuta Fondunun nümayəndələri Azərbaycanda olarkən mətbuat konfransında belə bir fikir söyləmişdilər ki, Azərbaycan çox uğurla inkişaf edir, Azərbaycanda inflyasiya aşağı səviyyədə, yəni 0 dərəcəsindədir. Təbii ki, o vaxtlar Azərbaycanın iqtisadi inkişafında problemlər vardı – dinamika olsa da, investisiya fəallığı yox idi. Büdcə xərclərinin strukturunda investisiya xərcləri iki faizdən artıq təşkil etmirdi. İnflyasiya iqtisadi fəallığın olduğu, yeni iş yerlərinin yaradıldığı, dövriyyədə pul kütləsinin artdığı yerdə olur. Yəqin, Elman müəllim, Samir müəllim, Heydər müəllim çıxışlarında deyəcəklər ki, son illərdə Azərbaycan bazarına, dövriyyəsinə nə qədər pul daxil olub. Pulun daxil olması iqtisadi fəallığı artıran ən vacib şərtlərdən biridir və təbii ki, bu proses də dünya bazarında olduğu kimi, Azərbaycanda da qiymətlərin artmasına təsir göstərmişdir.
Lakin İqtisadi siyasət daimi komissiyasının fikri ondan ibarətdir ki, bu inflyasiya proseslərini müəyyən dərəcədə tənzimləmək olar. Bu proseslər bu gün dünyada baş verən proseslərlə, Azərbaycanın qloballaşan dünya iqtisadiyyatına qovuşması ilə əlaqədar olaraq obyektiv bir xarakter daşıyır. Biz əgər Azərbaycan cəmiyyətinin yeniləşməsini, iqtisadi inkişafını, keyfiyyətli inkişafını istəyiriksə, təbii ki, bu proseslərlə barışmalıyıq, amma eyni zamanda, qiymətlərin süni surətdə artırılması prosesinə də öz münasibətimizi bildirməliyik. Bu məsələ komissiyamızda Milli Bankın rəhbərliyi, habelə maliyyə naziri Samir müəllim tərəfindən obyektiv olaraq işıqlandırıldı və bizim də fikrimiz ondan ibarət oldu ki, iqtisadi inkişafı sürətləndirmək, Azərbaycanın üzləşdiyi problemləri həll etmək üçün bütün imkanları səfərbər etmək lazımdır. Bu bizim üçün tarixi şansdır və biz bu şansdan istifadə etməliyik.
2007-ci ilin dövlət büdcəsinin icrası cənab Prezidentin imzaladığı fərmana müvafiq surətdə, uğurla həyata keçirilmişdir. Büdcə gəlirləri üzrə icra 104,1 faiz təşkil etmişdir. 2006-cı illə müqayisədə bu, 55,3 faiz artım deməkdir. Xərclərin icrası 96,4 faiz təşkil etmişdir. Mən ayrı-ayrı maddələr, gəlir və xərc maddələri üzrə danışmaq istəmirəm. Bütövlükdə dövlət büdcəsi Azərbaycanda baş verən böyük müsbət dəyişikliklərin, qaynar iqtisadi həyatın mahiyyətini açıqlayır. Yəqin ki, bizim hörmətli məruzəçilərimiz bu barədə konkret faktlarla öz fikirlərini açıqlayacaqlar. Amma mənim fikrimcə, Azərbaycanın dövlət büdcəsinin gəlirlər üzrə 104,1 faiz yerinə yetirilməsi Azərbaycanda maliyyə sabitliyini təmin edən vacib şərtlərdən biri kimi qiymətləndirilməlidir.
Azərbaycan hökumətinin təqdim etdiyi qanun layihəsində dövlət büdcəsi gəlirlərinin mənbələr üzrə də xarakteristikası verilmişdir. Çox razılıq hissi ilə qeyd edilməlidir ki, Azərbaycanda gəlirlərin yığılması və büdcəyə səfərbər edilməsi istiqamətində atılan addımlar müsbət nəticəsini verir. Büdcə gəlirlərinin 75,1 faizi Vergilər Nazirliyi tərəfindən təmin edilir və bu dinamika ildən-ilə yaxşılaşmağa meyil edir. Əlbəttə, Azərbaycanın ildən-ilə artan büdcəsi sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi üçün etibarlı təminat yaradır. Ölkəmizin qarşısında duran bütün vacib vəzifələr məhz bu gəlirlərin hesabına həyata keçirilir. Vergi Məcəlləsinə edilən dəyişikliklər, vergi şəffaflığının artırılması, vergi mədəniyyətinin yüksəldilməsi Azərbaycanda büdcə gəlirlərinin icrası üzrə nəzərdə tutulmuş tapşırıqların yerinə yetirilməsinə çox müsbət təsir göstərmişdir. Eyni zamanda, qeyd etmək istərdim ki, büdcə gəlirlərinin formalaşmasında Dövlət Gömrük Komitəsi üzrə də müəyyən edilmiş tapşırıqlar uğurla yerinə yetirilmişdir. Əlbəttə, dövlət büdcəsi gəlirlərinin formalaşmasında Neft Fondunun da rolu inkar edilməməlidir.
Mən vaxtınızı almaq istəmirəm. Hesablama Palatasının sədri Heydər müəllim bu barədə daha ətraflı məlumat verəcək. Gəlirlər üzrə verilən rəqəmlər göstərir ki, cəmi bir neçə gəlir maddəsi üzrə kəsir yaranmışdır. O kəsirin də ümumi məbləği, demək olar ki, azdır. Lakin qanunvericilikdə dövlət rüsumu ilə əlaqədar olaraq edilmiş dəyişikliklər nəticəsində dövlət rüsumu üzrə tapşırıqlar az yerinə yetirilmişdir.
Bir vacib məsələyə də toxunmaq istərdim. Biz bunu dəfələrlə vurğulayır, mətbuatda da qeyd edirdik ki, ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi çox aşağıdır. 1996–1998-ci illərdə bu rəqəm cəmi 12–13 faiz təşkil edirdi. Bu gün razılıq hissi ilə qeyd edilməlidir ki, 2007-ci ilin büdcəsinin icrası uğurla həyata keçirilmişdir və ilk dəfə olaraq ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 23,8 faizə, xərclərin xüsusi çəkisi 24,1 faizə qaldırılmışdır. Bu, hesab edirəm ki, 2007-ci il üçün çox uğurlu bir nəticə və cənab Prezident tərəfindən imzalanmış qanunun yerinə yetirilməsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gündəliyimizdəki ikinci məsələ, yəni “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunarkən, yəqin ki, bu barədə əlavə materiallar veriləcəkdir.
Dövlət büdcəsi xərclərinin strukturu əhəmiyyətli dərəcədə təkmilləşir. Azərbaycanda dövlət büdcəsinin xeyli hissəsi, yəni təxminən 47–48 faizi əsaslı xərclərə yönəldilir ki, bu da bugünkü mərhələdə iqtisadi inkişafı artırmaq, real sektorun strukturunu təkmilləşdirmək baxımından çox vacib məsələlərdən biridir. 2007-ci ilin dövlət büdcəsində bu nisbət gözlənilmişdir.
Azərbaycanda adambaşına düşən dövlət və icmal büdcə xərcləri də diqqət yetirilməli vacib məsələlərdəndir. Həqiqətən, zəngin resurslara, iqtisadi potensiala malik olan Azərbaycanda uzun illər bu məsələyə fikir verilməmişdir. 1970-ci illərdə ulu öndər hər il dövlət büdcəsinin təsdiqi zamanı bu məsələyə xüsusi diqqət yetirirdi, çünki o vaxtlar mərkəzin özünün siyasəti nəticəsində Azərbaycanda büdcə xərcləri digər respublikalara nisbətən xeyli dərəcədə geri qalırdı. Yalnız Heydər Əliyevin səyi nəticəsində bu gerilik müəyyən qədər aradan qaldırılırdı. 2007-ci ildə dövlət büdcəsinin adambaşına düşən xərci 705 manat təşkil etmişdir. Müqayisə üçün onu qeyd etmək istərdim ki, 2003-cü ildə bu rəqəm cəmi 149 manat idi. 4 il ərzində adambaşına düşən büdcə xərcləri 4,7 dəfə artmışdır.
Mən büdcənin əsas maddələr üzrə proqnozu ilə də əlaqədar bəzi məsələləri demək istərdim. Büdcə proqnozları faktdan ciddi fərqlənəndə təbii olaraq deyilir ki, büdcə düzgün tərtib olunmayıb, imkanlar nəzərə alınmayıb və sair. Amma 2007-ci ilin büdcəsi üzrə faktla proqnozu müqayisə edəndə tamamilə başqa mənzərənin şahidi olur və tamamilə başqa nəticəyə gəlirik. Fakt proqnozu üstələyib. Belə ki, məhsullar istehsalı proqnozdan 11,4 faiz, xidmətlər istehsalı 16,2 faiz, ümumi daxili məhsulun adambaşına düşən həcmi 12 faiz, əsas kapitala yönəldilən investisiyalar 14,9 faiz, əhalinin gəlirləri 11,4 faiz, orta aylıq əmək haqqı 9,2 faiz çox olub. Bu, obyektiv bir prosesdir və burada kimisə günahlandırıb, “siz bunları nəzərə almalıydınız” demək düzgün deyildir, çünki bu fərqi Azərbaycan iqtisadiyyatında 2007-ci ildə baş verən proseslər, dünya bazarında neftin qiymətinin artması və cənab Prezidentin əhalinin sosial müdafiəsi ilə əlaqədar olaraq həyata keçirdiyi tədbirlər yaratmışdır. Ona görə komissiyada da deyildi, Heydər müəllimin də, Samir müəllimin də çıxışlarında xüsusilə vurğulandı ki, bu məsələ obyektiv bir prosesdir və bir daha Azərbaycanda dinamik proseslərin inkişafından, güclənməsindən xəbər verir.
Əsas kapitala yönəldilən investisiyalar da Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Məlumat üçün bildirmək istəyirəm ki, 2007-ci ildə əsas kapitala yönəldilən investisiyalar 6,8 milyard manat təşkil etmişdir. Bunun 51 faizi neft sektoruna, 49 faizi qeyri-neft sektoruna qoyulmuşdur. Xatırlayırsınızsa, 10–12 il bundan qabaq Azərbaycanda daxili investisiyaların xüsusi çəkisi ümumi investisiyada 1–2 faizdən artıq deyildi. Bu gün isə artıq daxili investisiyaların xüsusi çəkisi 59,6 faizə qalxmışdır. Təbii ki, bu çox müsbət haldır. Daxili investisiyaların ümumi investisiyalarda xüsusi çəkisinin yüksək olması Azərbaycanda sahibkarlığın, özəl sektorun inkişafından, ölkənin özünün maliyyə imkanlarının genişlənməsindən xəbər verir.
Vacib məsələlərdən biri də dövlət büdcəsi xərclərinin quruluşudur. 2007-ci il üzrə nəzərdə tutulmuş proqnozların gerçəkliyə çevrilməsi, mən deyərdim ki, tamamilə təmin edilmişdir. Təbii ki, burada problemlər də var. 2007-ci il büdcəsinin qarşısına elə bir vəzifə qoyulmamışdır ki, bütün məsələlər həll edilsin. Ancaq dünən cənab Prezidentin imzaladığı fərman, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı istehsalının, ölkənin müdafiə qabiliyyətinin daha da artırılması üçün müəyyən etdiyi vəzifələr, təbii ki, 2008-ci il büdcəsində öz əksini tapacaqdır. Bu gün inamla demək olar ki, 2007-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş xərc maddələri üzrə vəsaitlərin təyinatları üzrə sərf edilməsi Azərbaycanın iqtisadiyyatında və sosial həyatında keyfiyyət dəyişikliklərinin artmasına imkan yaratmışdır.
Dövlət büdcəsinin sosial yönümlü xərcləri də əhəmiyyətli dərəcədə yaxşılaşmış, onun icrasında bir sıra müsbət meyillər əmələ gəlmişdir. Təhsil sistemində aparılan islahatlar, məktəblərin tikintisi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi 2007-ci ildə daha geniş vüsət almışdır. 2007-ci ildə dövlət büdcəsinin sosial yönümlü xərcləri 2 milyard 55 milyon manat təşkil etmişdir ki, bu da 2003-cü il göstəricisindən 3,5 dəfə çoxdur.
Mən bir qədər də infrastruktur xərcləri barədə danışmaq istəyirəm. Biz bir müddət bundan qabaq Almaniyanın Bavariya əyalətinin parlament üzvləri ilə görüşərkən, onların iki sualı oldu. Birinci sual ondan ibarət oldu ki, siz investisiya, infrastruktur sahələri istiqamətində hansı işləri görürsünüz? Mən cavabında dedim ki, Azərbaycan ərazi baxımından o qədər böyük ölkə olmasa da, bu gün regionda irimiqyaslı infrastruktur layihələrini həyata keçirən ən güclü dövlətlərdən biridir.
2007-ci ildə infrastruktur xərclərinə 935 milyon manat vəsait ayrılmışdır ki, bunun da 45 faizi nəqliyyat sektorunun payına düşür. Azərbaycanın nəqliyyat sektoru bu gün yeniləşir. Nəqliyyat Nazirliyinin yaradılması, bu nazirliyə daxil olan ayrı-ayrı nəqliyyat strukturları arasında əlaqələrin düzgün qurulması Azərbaycanı bu gün regionda irimiqyaslı, geniş nəqliyyat şəbəkəsinə, mühüm nəqliyyat qovşağına malik olan bir dövlətə çevirib. Milli Məclisin İqtisadi siyasət daimi komissiyası belə hesab edir ki, bu istiqamətdə cənab Prezidentin mövqeyi tamamilə düzgündür. Çünki yalnız infrastruktur yaratmaqla, Azərbaycanı müasirləşdirməklə, onun yollarını təzələməklə, aeroportlarını, vağzallarını tikməklə, maşın şəbəkəsini təkmilləşdirməklə biz Azərbaycanı investisiya baxımından cəlbedici bir ölkəyə çevirə bilərik. Bu istiqamətdə çox böyük işlər görülür. İnfrastruktur layihələri üzrə xərclər ümumi investisiya xərclərinin 49 faizini, sosial yönümlü xərclər isə 21,3 faizini təşkil edir. Hesab eləyirik ki, belə bir istiqamət 2008-ci ildə də davam etməlidir.
2007-ci ildə Azərbaycanın dövlət borcunun idarə edilməsi sahəsində hökumətin apardığı siyasət birmənalı şəkildə dəstəklənməlidir. Azərbaycan qloballaşan dünyada xarici şirkətlərlə, beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir və bu əməkdaşlığın nəticəsində Azərbaycanda irimiqyaslı layihələr həyata keçirilir. Lakin bu layihələrin həyata keçirilməsi prosesinə də nəzarət güclənib. Biz burada sizin iştirakınızla “Dövlət borcu haqqında” çox sanballı bir Qanun qəbul etdik. Qanun artıq işləyir, fəaliyyət göstərir və bu qanunun fəaliyyəti nəticəsidir ki, borca xidmətlə əlaqədar olaraq 2007-ci ildə nəzərdə tutulmuş məsələlər uğurla həll edilmişdir.
Mən bir-iki rəqəm deyəcəyəm. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 8,2 faizdir. MDB məkanında belə bir göstərici yoxdur. Yüksək investisiya, yüksək iqtisadi artım, xarici kapitalın cəlb edilməsi şəraitində xarici dövlət borcu ümumi daxili məhsulun 8,2 faizini təşkil etmişdir. 10 il bundan qabaq bir müsahibədə mən demişdim ki, Azərbaycanda adambaşına düşən xarici borclar 250 dollar təşkil edir. O dövrdə iqtisadi qüdrətimiz o qədər də böyük deyildi və biz çox cüzi bir miqdarda xarici borc alırdıq. Amma bu gün ölkəmizdə adambaşına düşən xarici borcların miqdarı cəmi 280 manat təşkil edir. Təbii ki, biz burada da gələcəkdə siyasətimizi təkmilləşdirməliyik, innovasiyalı iqtisadiyyatın yaradılmasına xidmət edən ən vacib irimiqyaslı layihələrin, eyni zamanda, irimiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsinə görə biz xaricdən borc almalıyıq. Bütövlükdə Azərbaycan hökumətinin apardığı borcun idarə edilməsi siyasəti tamamilə düzgündür və Azərbaycanın milli maraqlarına cavab verir. 2007-ci ilin dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 0,3 faizi həcmində olmuşdur. Xəzinə qalığı barədə bizim “Büdcə sistemi haqqında” Qanuna etdiyimiz dəyişikliklər öz müsbət nəticəsini verir.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, təbii ki, komissiyada mübahisələr də, suallar da oldu. Lakin hörmətli Elman müəllimin, Samir müəllimin, Heydər Əsədovun, Heydər Babayevin, Səlim Müslümovun suallara ətraflı cavabları birmənalı şəkildə bu fikri söyləməyə əsas verir ki, 2007-ci ilin dövlət büdcəsinin icrası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə cavab verir. Yəqin ki, burada Hesablama Palatasının rəyi də səslənəcək. Mən komissiyanın adından xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibətinizi bildirəsiniz. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən təklif eləyirəm ki, biz əvvəl maliyyə nazirinin çıxışına qulaq asaq. Hesablama Palatasının rəyini dinləyək, sonra müzakirələrə başlayaq. Bir sözüm də var. Bu iki çıxışdan sonra, yəqin, səsə qoyacağam ki, reqlament 5 dəqiqə olsun. Otuz nəfər çıxışa yazılıb. Samir müəllim, buyurun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrasına dair hesabat “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır. Hesabat Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icrası vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlarından istifadə, bütün dövlət borcları, il ərzində götürülən borclar və verilən dövlət zəmanətləri, buraxılmış dövlət istiqrazları barədə məlumatları da özündə əks etdirir.
2007-ci il Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında dövlətimizin siyasi və iqtisadi qüdrətinin artması, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsi, xalqın rifah halının yaxşılaşdırılması baxımından ölkəmizin müasir tarixinə olduqca uğurlu və zəngin bir il kimi daxil olmuşdur. 2007-ci ildə ümumi daxili məhsulun real artım tempi 2006-cı illə müqayisədə 25 faiz artmaqla həcmi 25,2 milyard manata, adambaşına düşən həcmi 23,6 faiz artaraq 2981 manata çatmışdır.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala 6 milyard 775 milyon manat və ya əvvəlki ildəkindən 17,8 faiz çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş ümumi sərmayələrin 49 faizi və ya 3 milyard 318 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2006-cı ilə nisbətən 28,8 faiz artım deməkdir.
Hesabat ilində əhalinin rifahını səciyyələndirən göstəricilərdə də müsbət artım dinamikası müşahidə edilmişdir. 2006-cı illə müqayisədə hesabat ilində əhalinin banklardakı əmanətləri 79,2 faiz, adambaşına düşən pul gəlirləri 38,6 faiz, orta aylıq əmək haqqı 42 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 33,8 faiz artmışdır.
Ölkəmizin maliyyə mövqeyi də xeyli möhkəmlənmişdir. Dövlətin məcmu valyuta ehtiyatları, yəni Milli Bankın, Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin sərəncamında olan xarici valyuta vəsaitlərinin davamlı artımı təmin edilmiş və onların məbləği 2003-cü illə müqayisədə 4,5 dəfə artaraq 7,2 milyard ABŞ dollarını, 2008-ci il 1 aprel tarixdə 9 milyard ABŞ dollarını üstələmişdir.
Ölkənin artan gəlirlərinin hər bir Azərbaycan vətəndaşı tərəfindən gündəlik həyatda hiss edilməsi amalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi və həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsini təşkil edir. Əhalinin sayının 4,5 faiz artması şəraitində 2007-ci ilin sonuna yoxsulluğun səviyyəsi ölkədə 16 faizə düşmüşdür. 2007-ci ildə ölkəmizdə 145 min yeni, o cümlədən 105 min daimi iş yeri açılmışdır.
Hesabat ilində iqtisadiyyatda müşahidə olunan dinamik artım özünü dövlət və icmal büdcələrinin göstəricilərində də aydın şəkildə büruzə vermişdir. 2007-ci il icmal büdcənin gəlirləri 8 milyard 69 milyon manat, xərcləri 7 milyard 389 milyon manat icra edilmişdir ki, bu da 2006-cı illə müqayisədə gəlirlər üzrə 65,8 faiz və ya 3,2 milyard manat, xərclər üzrə 55,8 faiz və ya 2,6 milyard manat çoxdur.
İcmal büdcədə 680 milyon manat profisit olmuşdur. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 1 milyard 206 milyon manat kəsir qeydə alınmışdır ki, bu da 2007-ci ildə istehsal olunmuş ümumi daxili məhsulun 4,8 faizini təşkil etməklə proqnoza nisbətən 3,1 faiz azdır.
2007-ci ildə dövlət büdcəsinin mədaxili təsdiq edilmiş 5 milyard 771 milyon manat proqnoza qarşı 6 milyard 7 milyon manat və ya 104,1 faiz icra olunmuşdur ki, bu da 2006-cı ildəkinə nisbətən 2,1 milyard manat və ya 55,3 faiz çoxdur.
Ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 2006-cı ilə nisbətən 3,2 faiz artaraq 23,8 faiz təşkil etmişdir.
2007-ci ildə dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmalar 2006-cı illə müqayisədə 898 milyon manat və ya 55,7 faiz çox olmuş, ümumi daxili məhsulda qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 3,7 faiz artaraq 22,5 faiz təşkil etmişdir.
Vergilər Nazirliyi proqnoza 106,4 faiz əməl etmiş, büdcəyə nəzərdə tutulduğundan 275 milyon manat, 2006-cı illə müqayisədə isə 69,3 faiz və ya 1,8 milyard manat çox vəsait toplamışdır. Dövlət Gömrük Komitəsi proqnoza 100,3 faiz və 2006-cı illə müqayisədə 256,1 milyon manat çox əməl edərək, büdcəyə 772 milyon manat vəsait təmin etmişdir. Dövlət Neft Fondu tərəfindən büdcəyə nəzərdə tutulduğu kimi, 585 milyon manat transfer edilmişdir.
2007-ci ildə dövlət büdcəsi xərcləri 6 milyard 315 milyon manata qarşı 6 milyard 86 milyon manat və ya 96,4 faiz icra olunmuşdur ki, bu da 2006-cı illə müqayisədə 2 milyard 296 milyon manat və ya 60,6 faiz çoxdur.
2006-cı illə müqayisədə dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 3,9 faiz artaraq 24,1 faiz təşkil etmişdir.
Strukturuna görə 2007-ci ildə dövlət büdcəsi xərclərinin 3 milyard 135 milyon manatı və ya 51,5 faizi cari xərclərə yönəldilmişdir ki, bu da 2006-cı illə müqayisədə 859 milyon manat və yaxud 37,8 faiz çoxdur.
Əsaslı xərclərə dövlət büdcəsi xərclərinin 48 faizi və yaxud 2 milyard 920 milyon manatı sərf edilmişdir ki, bu da 2006-cı ilə nisbətən 1 milyard 492 milyon manat və yaxud 104,4 faiz çoxdur.
Dövlət borclarına xidmətlə bağlı xərclər üzrə icra ümumi xərclərin 0,5 faizi həcmində və ya 30,6 milyon manat olmuşdur ki, bu da 2006-cı illə müqayisədə 55 milyon manat və yaxud 64,1 faiz azdır.
Hesabat ilində büdcə xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 5,8 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,2 faiz azalmış, əsaslı xərclərin xüsusi çəkisi isə 6 faiz artmışdır.
2007-ci ildə qanunvericiliklə müdafiəsi təmin edilən sosial yönümlü xərclərin icrasına dövlət büdcəsi xərclərinin 33,8 faizi və ya 2 milyard 55 milyon manatı yönəldilmişdir ki, bu da 2006-cı illə müqayisədə 48 faiz və ya 666 milyon manat çoxdur.
2007-ci ildə əhalinin rifahının yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması üçün ölkə Prezidenti tərəfindən bir sıra sərəncamlar imzalanmışdır. İmzalanmış sərəncamlarla minimum aylıq əmək haqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50 manata çatdırılmış, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, meliorasiya sahəsində çalışanların və dövlət qulluqçularının aylıq əmək haqları orta hesabla 25 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əmək haqqı 50 faiz, aspirantlara, ali və orta ixtisas peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləğləri orta hesabla 50 faiz, məcburi köçkünlərə verilən aylıq müavinətin məbləği 50 faiz, hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin aylıq vəzifə maaşları nəzərəçarpacaq miqdarda artırılmışdır.
2007-ci il məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində məcburi köçkünlərin yeni, hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi məqsədinə 154 milyon manat vəsait sərf olunmuş, son çadır düşərgəsi ləğv edilməklə, Azərbaycanda bir dənə də çadır düşərgəsinin qalmamasına dair ölkə Prezidentinin tapşırığı tam icra olunmuşdur. Bütövlükdə 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə əhalinin sosial güzəranının yaxşılaşdırılması sahəsində həyata keçirilən bu tədbirlər 2 milyon nəfərdən çox əhaliyə şamil olunmuşdur.
Ötən ilin digər önəmli hadisəsi kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin artırılması və bu sahəyə vəsaitlərin yönəldilməsinin yeni mexanizminin tətbiqi olmuşdur. Ölkə Prezidentinin tapşırığına əsasən 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması hesabına ötən il 599 min nəfər fiziki və 12 hüquqi şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarının, mineral gübrələrin güzəştlə satılması təmin edilmiş, əkilən hər hektar sahəyə görə buğda istehsalçılarına yardımın verilməsi məqsədi ilə 68,9 milyon manat vəsait sərf olunmuşdur.
2007-ci ildə qeyri-neft sektorunun inkişafı dövlətin diqqət mərkəzində olmuş və bu məqsədlə Sahibkarlığa Kömək Milli Fonduna 73,7 milyon manat, kənd təsərrüfatı texnikası və aqrokimyəvi maddələrin alınması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 37,5 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 milyon manat həcmində vəsait ayrılmışdır.
Əhalinin sosial-məişət, əsasən də, mənzil şəraitinin yaxşılaşdırılması üçün 2007-ci ildə sosial ipoteka məqsədi ilə nəzərdə tutulmuş 20 milyon manat vəsait bütövlükdə istifadə edilmişdir.
Son illər zəruri infrastrukturlara sərmayə qoyulmasına üstünlük verilməsi ilə də səciyyələnmişdir. Belə ki, 2007-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcinə 1 milyard 902 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2006-cı illə müqayisədə 1 milyard 23 milyon və yaxud 2,2 dəfə çoxdur. Ötən il investisiya xərclərindən sosial təyinatlı layihələrə 382 milyon manat, o cümlədən tikinti və təmir işləri üçün təhsil müəssisələrinə 92,7 milyon manat, səhiyyə obyektlərinə 59,4 milyon manat, mədəniyyət və turizm obyektlərinə 67,5 milyon manat, gənclər və idman obyektlərinə 56,9 milyon manat vəsait sərf olunmuşdur.
Dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına bir sıra sosial obyektlərdə təmir və tikinti işləri aparılmış, o cümlədən Bakı şəhəri qəsəbələrinin 2006–2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirlərinə 26,1 milyon manat, Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlığı ilə təmin olunmasına 12,9 milyon manat, Klinik Tibb Mərkəzinin təmir-bərpa işlərinə və onun üçün xüsusi avadanlığın alınmasına 18,1 milyon manat, Onkoloji Elmi Mərkəzin yeni korpusunun və uşaq şöbəsinin tikintisinə, onun üçün xüsusi inventar və avadanlığın alınmasına 12,7 milyon manat, akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya İnstitutunda tikinti işlərinin davam etdirilməsinə 12 milyon manat vəsait istifadə olunmuşdur. Mədəniyyət və turizm obyektlərinin tikintisi və təmirinə ayrılmış vəsait hesabına 5 teatr və 4 muzeydə, eyni zamanda, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında təmir-bərpa işləri həyata keçirilməkdədir. Gənclər və idman obyektlərinin tikintisinə və təmirinə yönəldilmiş vəsait hesabına Bakı şəhərində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin və Səadət sarayının əsaslı təmiri və bərpası həyata keçirilir. O cümlədən ölkənin 20 regionunda idman komplekslərinin tikintisinə başlanmışdır.
2007-ci ildə infrastruktur təyinatlı layihələrə 863,4 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturunun tikintisinə və yenidən qurulmasına 327,8 milyon manat vəsait ayrılmışdır. Bu vəsait hesabına Azərbaycan Respublikasının müxtəlif nəqliyyat kommunikasiyaları yenidən qurulub bərpa edilmiş, yeni yolların salınması təmin olunmuş, eyni zamanda, bir sıra strateji əhəmiyyətli magistral yolların tikintisinə başlanmışdır. Bakı şəhərində nəqliyyat problemlərinin həlli istiqamətində görülən tədbirlərin davamı kimi yol-nəqliyyat infrastrukturunun, yol ötürücülərinin və yeraltı keçidlərin tikintisinə 162,8 milyon manat vəsait sərf olunmuşdur. Bakı Metropoliteninin şimal hissəsinin tikintisinə, “28 may”, “İçərişəhər” metro stansiyalarının əsaslı təmirinə və yenidən qurulmasına 52,4 milyon manat, Bakı Metropoliteni üçün yeni metro vaqonlarının alınmasına 14,2 milyon manat vəsait istifadə olunmuşdur.
Ölkəmizin enerji təhlükəsizliyini və ölkə regionlarının elektrik enerjisinə və qaza olan tələbatını təmin etmək məqsədi ilə 2 modul tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Bu məqsədlərə 79,8 milyon manat, paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına 10 milyon manat vəsait sərf edilmişdir. Lerik, Yardımlı və Ağcabədi rayonlarının qazlaşdırılmasına 21 milyon manat vəsait yönəldilmişdir.
Meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin və içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisi və təmirinə 134,6 milyon manat vəsait yönəldilmişdir. Dövlət investisiya xərcləri çərçivəsində 2007-ci ildə icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına 472,2 milyon manat dəyərində bir sıra mühüm ölkə əhəmiyyətinə malik layihələrin maliyyələşdirilməsi təmin edilmişdir. O cümlədən qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması layihəsinin həyata keçirilməsinə, qeyd etdiyim kimi, 154,1 milyon manat vəsait sərf olunmuşdur.
“Azəri”–“Çıraq”–“Günəşli” layihəsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə münasibətlərin tənzimlənməsi məqsədi ilə 87,6 milyon manat ayrılmışdır. Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilməsi üçün 132,9 milyon manat, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması üçün 76,9 milyon manat, Bakı–Tbilisi–Qars yeni dəmir yolunun çəkilməsi üçün 20,7 milyon manat vəsait ayrılmışdır.
Hörmətli millət vəkilləri, Azərbaycanın beynəlxalq aləmdə sürətlə artan nüfuzunun məntiqi nəticəsi olaraq vətənimizdə bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirilməsi, habelə ölkəmizin xarici dövlətlərdə, o cümlədən İsveç və Niderland krallıqlarında, Çex və Litva respublikalarında, Qətər dövlətində, Qırğızıstanda, Tacikistanda yeni səfirliklərinin açılması, eyni zamanda, bir sıra dövlətlərdə baş vermiş təbii və humanitar fəlakətlərin aradan qaldırılması məqsədi ilə dövlət büdcəsindən 8,4 milyon manat vəsait ayrılmışdır.
2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab olunan tədbirlərin maliyyələşdirilməsinə 96,1 milyon manat vəsait yönəldilmişdir. O cümlədən bu mənbədən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti üçün yeni təcili yardım avtomaşınların alınmasına 12 milyon manat, Böyük Vətən müharibəsi iştirakçılarına və bu qəbildən olan digər şəxslərə birdəfəlik müavinətlərin ödənilməsinə 3 milyon manat, Bakının Bilgəh–Şüvəlan zonasında və Pirallahı adasının sahilboyu zolağında, Kür və Araz çaylarının sularından istifadə edən 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına 6,5 milyon manat, qəza vəziyyətində olan bir sıra ümumtəhsil məktəblərində bərpa və əsaslı təmir işlərinin görülməsinə 14 milyon manat, Neftçala, Hacıqabul, Yevlax və Qobustan rayon və şəhərlərinin sosial-iqtisadi inkişafına 5 milyon manat, rayon və şəhərlərə xüsusi təyinatlı kommunal texnikasının alınmasına 25 milyon manat vəsait ayrılmışdır. 2007-ci il ərzində Dövlət Büdcəsinin Ehtiyat Fondundan dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 41,8 milyon manat vəsait yönəldilmişdir.
2007-ci ildə dövlətin daxili və xarici borcları diqqətdə saxlanılmış, dövlət zəmanətli kreditlərin kredit alan təşkilatlar tərəfindən ödənilməsinə, əsasən, nail olunmuşdur. Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədi ilə 2008-ci il 1 yanvar tarixə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 4 milyard 991 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında artıq cəlb olunmuş vəsait 2 milyard 442 milyon ABŞ dolları təşkil edir. İstifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 8,2 faizini təşkil etmişdir ki, bu da, ümumən, beynəlxalq borcalma təcrübəsində çox məqbul bir göstəricidir.
2007-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 204 milyon manat və ya 114,9 faiz və yerli xərcləri 702 milyon manat və ya 95,9 faiz icra olunmuşdur ki, bu da 2006-cı illə müqayisədə 116 milyon manat və ya 19,9 faiz çoxdur.
Hesabat ilində rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 515 milyon manat dotasiya ayrılmışdır ki, bu da 2006-cı illə müqayisədə 162 milyon manat və ya 46 faiz çoxdur. Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikası büdcəsinə 153 milyon manat məbləğində dotasiya yönəldilmişdir ki, bu da 2006-cı illə müqayisədə 59 milyon manat və 63,5 faiz çoxdur.
2007-ci ildə dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 0,3 faizi həcmində və ya 79,6 milyon manat təşkil etmişdir.
2007-ci ildə büdcə prosesinin şəffaflığı, səmərəliliyi və ünvanlılığının təmin edilməsi, normativ-hüquqi bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, “Büdcə sistemi haqqında” Qanuna, “Dövlət borcu haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmişdir.
Dövlət büdcəsi vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə olunması, sərbəst xəzinə qalığının idarə edilməsi və idarəetməyə verilməsi mexanizmi işlənib hazırlanmış və tətbiqinə başlanmışdır. Təkcə vahid xəzinə hesabı qalığının idarəetməyə verilməsindən 2007-ci ilin dövlət büdcəsinə 12,3 milyon manat vəsait daxil olmuşdur.
2007-ci ildə dövlət xərclərinə nəzarət məqsədi ilə aparılmış yoxlama və təhlillər nəticəsində 12 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş, 17,1 milyon manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa olunmuşdur. Hesabat dövründə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi əmlak tələbi, maddi və mənəvi ziyanın ödənilməsi və digər xarakterli məsələlər üzrə 95 məhkəmə prosesinə cəlb olunmuş, başa çatmış 71 məhkəmə prosesi üzrə dövlət büdcəsindən 326 milyon manata yaxın məbləğin tələb edilməsinin qarşısı alınmışdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2007-ci il dövlət və icmal büdcələrinin icrası Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dinamik inkişafın və ahəngdar iqtisadi artımın təmin edilməsində mühüm rol oynamış, cari ildə isə ölkə iqtisadiyyatının inkişaf templərinin daha da sürətləndirilməsi üçün əsaslı zəmin yaratmışdır. Çıxışımın yekununda millət vəkillərini Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, hörmətli Samir müəllim. Hörmətli millət vəkilləri, bu gün Milli Məclisin qonaqları – Almaniyanın Bavariya əyalətindən 12 millət vəkili bizim iclasımızda iştirak edir. Mən istəyərdim ki, biz onları səmimi salamlayaq. (Alqışlar.) Onlar Azərbaycan Respublikasında ilk dəfədirlər. Arzu edirik ki, onlar Azərbaycanı daha yaxşı tanısın və öz ölkələrində bizim dostlarımıza çevrilsinlər. (Alqışlar.) Çox sağ olun.
İndi sözü Hesablama Palatasının sədrinə veririk. Mən belə bir təklif etmək istəyərdim. Hesablama Palatasının rəyi hamıda var. Əgər mümkündürsə, bununla bağlı təkliflərinizi yazılı şəkildə verəsiniz.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Müzakirənizə təqdim edilmiş Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrasına dair hesabatın parametrləri xatirəsini daim böyük hörmətlə yad etdiyimiz ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf istiqamətində müəyyən etdiyi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında böyük müvəffəqiyyətlə davam etdirildiyini və bu yolda daha bir uğurlu addım atıldığını sənədli faktlarla sübut edir. Hörmətli Ziyad müəllimin və hörmətli maliyyə naziri Samir Şərifovun çıxışlarında makroiqtisadi müstəvidə və eləcə də fiskal sahədə əldə edilmiş nailiyyətlərə dair arqumentlər hökumətin bu sahədə bəyan etdiyi hədəflərə tam nail olduğunu bir daha göstərir. Ona görə də qeyd edilən nailiyyətlərə bir daha qayıtmadan yalnız onu qeyd etməyi zəruri hesab edirəm ki, 2007-ci ilin dövlət büdcəsi əvvəlki illərdə olduğu kimi, yenə möhkəm siyasi sabitlik və olduqca əlverişli makroiqtisadi mühit şəraitində müvəffəqiyyətlə icra edilmiş və bu nailiyyətlər dayanıqlı, dinamik və ahəngdar xarakter daşımışdır.
2007-ci ildə ümumi daxili məhsulun 2006-cı ildəki 34,5 faiz artım bazası üzərində 25 faiz artımı və ya cari qiymətlərlə onun həcminin 2006-cı ildəki artım məbləğindən 288 milyon manat, real qiymətlərlə isə 452 milyon manat çox olması dediklərimizin bariz nümunəsidir. Təbii ki, bütün bunlar özünün adekvat əksini fiskal siyasətin nəticələrini özündə əks etdirən sənəddə – dövlət büdcəsinin icrası haqqında qanun layihəsində tapmışdır.
2007-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və dövlət büdcəsinin icrası barədə illik hesabat bu yaxınlarda Hesablama Palatasının iclasında geniş müzakirə edilmiş və palatanın bu sənədlər barədə rəyi Milli Məclisə təqdim olunmuşdur. Rəydə dövlət büdcəsinin icrası müxtəlif parametrlər, funksional və iqtisadi təsnifat, bölmə, köməkçi bölmə və hətta paraqraflar səviyyəsində təhlil olunaraq, əldə edilmiş nailiyyətlərə, potensial imkanlara, icra zamanı büdcə təşkilatları tərəfindən yol verilmiş nöqsanlara və eləcə də bu sahədə fəaliyyətin daha da yaxşılaşdırılmasına dair təkliflərə geniş yer ayrılmışdır. Ona görə də mən bu rəyi təkrar şərh etmədən, ümumilikdə, onu qeyd etmək istərdim ki, 2007-ci il dövlət büdcəsinin icrasının yekunları hökumətin onu təsdiq edən zaman qarşıya qoyduğu hədəflərə əsasən nail olduğunu göstərir. Belə ki, həm gəlirlər, həm də xərclər üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilmişdir.
Büdcə 2007-ci ildə də milli gəlirin bölüşdürülməsində aparıcı rol oynamışdır. Ümumi daxili məhsulda ilk dəfə olaraq büdcə gəlirlərinin xüsusi çəkisinin 23,8 faizə, xərclərin isə 24 faizə çatdırılması bunu bir daha sübut edir. Ölkəyə güclü maliyyə axınları nəticəsində bir qədər də güclənən inflyasiya təzyiqlərinin azaldılması sahəsində onun tənzimləyici rolu daha yüksək olmuşdur. Həmçinin regionlarda iqtisadi inkişafın yüksəldilməsində və tarazlaşdırılmış inkişaf siyasətinin həyata keçirilməsində büdcənin rolu əhəmiyyətli dərəcədə artmışdır. Enerji və ərzaq təhlükəsizliyi, su qıtlığı kimi yeni yaranan qlobal, bəşəri problemlərin həllində Azərbaycan büdcəsi keçən il olduqca böyük rol oynamışdır.
Büdcədə əsas keyfiyyət göstəricilərindən olan infrastruktur layihələrinə proqram təyinatlı investisiyaların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Ziya müəllimin qeyd etdiyi kimi, 2007-ci ildə ümumi investisiyalarda infrastruktur layihələri üzrə investisiyaların xüsusi çəkisi artaraq 49,2 faizə çatmışdır. Bir sıra təşkilatlar tərəfindən büdcənin icrasında proqram təyinatlı investisiyaların xüsusi çəkisi 50 faizdən artıq olmuşdur. Daxili investisiyaların xüsusi çəkisi 60 faizə yaxınlaşmış və ölkədə ilk dəfə olaraq investisiyanın ixracı prosesinə başlanmışdır. Bunlarla bərabər, dolayı subsidiya həcminin azaldılması, bir sıra subyektlərə onların verilməsi mexanizminin yaxşılaşdırılması, sahibkarlığın inkişafı üçün əhəmiyyətli dərəcədə kredit portfelinin yaradılması 2007-ci ilin büdcəsini xarakterizə edən göstəricilərdəndir.
Bu il həmçinin onun strukturunun, qanunvericilik bazasının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi, büdcə proseslərinə çoxsahəli, mütərəqqi yeniliklərin gətirilməsi ili kimi də yadda qalacaqdır. Büdcənin icrası zamanı əldə edilmiş nailiyyətlər rəydə konkret arqumentlərlə öz əksini tapmışdır.
Bütün bunlarla bərabər, hesabat məlumatlarının təhlili istər büdcə gəlirlərinin artırılması, istərsə də xərclərin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra ehtiyat mənbələrinin mövcud olduğunu göstərir. Bu ehtiyat mənbələrindən istifadə edilməsi, ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə səmərəli istifadə olunması üçün tərəfimizdən müxtəlif təkliflər hazırlanmış və Maliyyə Nazirliyi ilə geniş müzakirə edilmişdir. Daha bir sıra təkliflərimiz müzakirə edilmək ərəfəsindədir.
Yaranmış şəraitdən istifadə edərək o təkliflərin bir neçəsini burada nəzərinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, mövcud qanunvericiliyə əsasən, büdcə gəlirlərinin xeyli hissəsi xarici valyuta şəklində daxil olur. Daxili bazarı tənzimləmək məqsədi ilə o valyuta bazara müəyyən proporsiyalarla buraxılır. Zaman keçdikcə dolların yerli manata nisbətən kursunun, alıcılıq qabiliyyətinin getdikcə aşağı düşməsi səbəbindən məzənnə fərqi yaranır. Maliyyə sənədlərində bu məzənnə fərqi xərclər qrafasına salınmışdır. Hesablama Palatası bu xərcin yeni standartlara uyğun olaraq növbəti büdcə qanunlarında mühasibat zərəri kimi əks etdirilməsinin tərəfdarıdır. Əks halda bunu nə zərərlərə, nə də xərclərə aid etmək mümkündür.
Daha bir məsələ. Bir sıra nazirliklərin tərkibində təsərrüfat hesablı təşkilatlar yaranır və onlar təsərrüfat funksiyalarını yerinə yetirirlər. Təsərrüfat funksiyalarını yerinə yetirdiklərinə baxmayaraq, bunların fəaliyyətinin, demək olar ki, 90–100 faizi büdcə tərəfindən maliyyələşir. Bunlar mahiyyət etibarilə təsərrüfat hesablı təşkilatlar olduğu üçün xəzinə hesabları yoxdur və banklarda sərbəst hesabları vardır. Fikrimizcə, belə təşkilatların sərbəst hesablarının olması müəyyən mərhələdən sonra büdcə vəsaitinin onların hesabına köçürülməsinə və xəzinə nəzarətindən kənarda qalmasına səbəb olur ki, bu da bəzən həmin vəsaitin resurs kimi istifadəsinə və yaxud nəzarət olunmadan smetadan artıq xərclənməsinə imkan yaradır. Ona görə də fikrimizcə, cari ildə həmin təşkilatların banklardakı sərbəst hesabının xəzinə hesabı ilə əvəzlənməsi məsələsinə baxılmalıdır.
Uzun müddətdir ki, “sair” və “digər xərclər” məsələsi müzakirə obyektinə çevrilib. Hər dəfə dövlət büdcəsinə Milli Məclisdə baxılarkən bir neçə hörmətli millət vəkili bu məsələləri qaldırır. Mahiyyət etibarilə “sair” və “digər xərclər” maddələrinin hər birinin konkret təyinatı vardır. Məsələn, “sair pul ödənişləri” dedikdə mükafatlar, iş vaxtından əlavə işləməyə görə ödəmələr və sair ödənişlər nəzərdə tutulur. Amma büdcədə bunun konkret təsnifatı verilmədikdə bəzən bu maddələr sual doğurur. Ona görə də Hesablama Palatası, yəqin ki, Maliyyə Nazirliyi ilə birlikdə büdcə təsnifatının müasir standartlara uyğun təkmilləşdirilməsi sahəsində də iş aparacaqdır.
Hesablama Palatası büdcə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində bir sıra təkliflər vermiş və güman ki, bundan sonra da verəcəkdir. Əlbəttə, bu, zərurətdən irəli gəlir. Məsələn, təhlillərimiz göstərir ki, təcili tələbat adı altında müraciət olunub alınmış razılıqlar tender keçirilmədən bəzən 5 ay, 6 ay gecikdirilərək icra olunur. Bu da onu göstərir ki, həmin işin icrasına 5–6 ay təcili tələbat yaranmamışdır. Ona görə bu və ya digər satınalma proseslərində olan boşluqların aradan qaldırılması üçün də bir sıra məsələlərin Maliyyə Nazirliyi ilə birlikdə həll edilməsi istiqamətində tədbirlər görmək planlaşdırılır.
Eyni zamanda, büdcənin təmizləyici, sterilizator rolunun gücləndirilməsi sahəsində, habelə kommunal, ezamiyyə, büdcədənkənar xərclərdə yaranan qənaətin araşdırılıb növbəti il üçün büdcə proqnozlarının tərtibi zamanı nəzərə alınması istiqamətində və eləcə də müxtəlif mənbələrdən maliyyələşən təmirlərin uçotunun aparılmasında həll edilməli müəyyən problemlər vardır. Məsələn, elə təmirlər var, həm investisiya proqramları çərçivəsində, həm də cari büdcə çərçivəsində edilir. Ona görə bunların mühasibat uçotunun birləşdirilib hesabatlarda əks etdirilməsində müəyyən problemlər yaranır.
Digər bir məsələ. Araşdırmalar göstərir ki, teatr, tamaşa müəssisələri 95–99 faiz dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Məlum olduğu kimi, bir sıra ölkələrdə teatr, tamaşa müəssisələri bütünlüklə dövlət tərəfindən maliyyələşdirilmir. Amma bizdə cənab Prezidentin xüsusi qayğısının nəticəsidir ki, bütün teatr, tamaşa müəssisələrinin əksər xərcləri dövlət büdcəsinin hesabına həyata keçirilir. Fikrimizcə, büdcədən belə ayırmaların öz adı ilə, yəni subsidiya adı ilə dövlət tərəfindən, hörmətli Prezident tərəfindən teatr, tamaşa müəssisələrinə verilməsi daha təqdirəlayiq olardı. Belə təkliflərimiz burada onlarcadır. Biz bunları rəsmi şəkildə, yəqin ki, Maliyyə Nazirliyi ilə, hörmətli Samir müəllimlə müzakirə edəcəyik.
Çıxışımı yekunlaşdıraraq bildirirəm, Hesablama Palatasının ümumi rəyi ondan ibarətdir ki, 2007-ci ilin dövlət büdcəsinin icrasına dair hesabat “Büdcə sistemi haqqında” Qanuna və digər qanunvericilik aktlarının tələblərinə tam müvafiq surətdə hazırlanmışdır. Hörmətli millət vəkillərindən həmin hesabatın təsdiq edilməsinə səs vermələrini xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. Mən təklif etdim ki, reqlament 5 dəqiqə olsun. Etiraz yoxdur? Buyurun, Cəmil Həsənli.
C. Həsənli. Oqtay müəllim, mən ikinci məsələ ilə bağlı... Elə bildim, bir yerdə müzakirə olunacaq.
Sədrlik edən. Samir müəllim, əgər etiraz yoxdursa, ikinci və üçüncü məsələni də dinləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş Novruzov, nə təklif edirsiniz?
S. Novruzov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz ay yarım bundan qabaq hökumətin 2007-ci illə bağlı hesabatını dinləmişik, qəbul etmişik. İndi də bizə büdcənin icrası ilə bağlı hesabat təqdim olunub. Görülən işləri biz müzakirə etmişik. Ona görə də, Oqtay müəllim, təklif edirəm, yoldaşların da bir çoxu mənimlə razıdır ki, bunu səsə qoyub qəbul edək, ikinci məsələnin müzakirəsinə başlayaq. Xahiş edirəm, mənim təklifimi səsə qoyun.
Sədrlik edən. Vahid müəllim, buyurun.
V. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, yadınıza gəlirsə, biz 10 gün bundan qabaq Hesablama Palatasının hesabatını burada dinlədik. Həmin hesabatda 2007-ci ilin büdcəsi ilə əlaqədar bütün məsələlərə faktiki olaraq toxunduq. Ona görə də fikrimcə, bu gün burada 2007-ci ilin büdcəsi ilə əlaqədar geniş müzakirə açmağa ehtiyac yoxdur. Mən təklif edirəm ki, 2007-ci ilin büdcəsi səsə qoyulub təsdiq edilsin və ikinci, üçüncü məsələlər bir yerdə müzakirə olunsun. Çox sağ olun.
Sədrlik edən. İqbal müəllim, buyurun.
İ. Ağazadə. Oqtay müəllim, mən icra ilə bağlı çıxış etmək istəyirəm. Xahiş edirəm, mənə şərait yaradın, çıxış edim.
Sədrlik edən. Çox sağ olun. Hörmətli İqbal müəllim, çıxışlara yazılanların sayı çoxdur. Elə etməliyik ki, bir çıxış ərzində hər iki məsələyə münasibət bildirilsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, birinci məsələyə münasibət bildirək. Çıxışları o siyahı üzrə aparacağıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Heç kim çıxışını geri götürməyib, Pənah bəy. Əyləş yerində, danış. Mikrofon yanır, sən yenə durub ayaq üstdə danışırsan.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyahı yazılmışdı, millət vəkillərinin əksəriyyəti ikinci məsələ kimi qəbul etmişdilər. İndi iki təklif var, ya köhnə siyahı ilə gedirik...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Etiraz etmirəm, köhnə siyahını versinlər.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm ki, biz eyni məsələni üç dəfə dalbadal müzakirə etməli deyilik.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 90
Əleyhinə 6
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
İndi ikinci məsələ üzrə, xahiş edirik, Ziyad Səmədzadə məlumat versin. Ondan sonra keçək çıxışlara və köhnə siyahı üzrə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ay Pənah, özgə vaxt aləmi qarışdırırdın ki, reqlament 10 dəqiqə olsun. Adın yox idi deyə, səsin çıxmadı və 5 dəqiqəyə razılaşdıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də sənə deyirəm ki, adın siyahıdadır, 12-ci düşmüsən. Mənim qarşımda siyahı var. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Respublikada əlverişli iqtisadi mühitin davamlı xarakter alması, dünya iqtisadiyyatında baş verən proseslər, ilk növbədə neftin qiymətinin artması 2008-ci ilin dövlət və icmal büdcələrinin dəqiqləşdirilməsini zəruri edir. Bu məsələ İqtisadi siyasət daimi komissiyasında müvafiq nazirliklərin, dövlət komitələrinin rəhbərlərinin, mütəxəssislərin iştirakı ilə geniş müzakirə edilmiş və qanun layihəsinə müsbət münasibət bildirilmişdir. Məlumat üçün bildirmək istəyirəm ki, respublikada əlverişli iqtisadi mühit cari ilin ötən 4 ayı ərzində də saxlanılmışdır. Ümumi daxili məhsul, əhalinin pul gəlirləri, banklardakı əmanətləri, əsas kapitala yönəldilən investisiyalar, dövlətin valyuta ehtiyatları xeyli artmış, tədiyyə balansında müsbət saldo əldə edilmişdir.
Dəqiqləşmələr nəticəsində dövlət büdcəsinin gəlirləri 10,4 milyard manat və ya 13,0 milyard ABŞ dolları olacaqdır. Bu, 2007-ci ilin göstəricisindən 74,5 faiz, 2008-ci ilin təsdiq olunmuş büdcəsindən isə 41,8 faiz çoxdur. Xərclərə gəldikdə bu rəqəm 11,1 milyard manat və ya 13,7 milyard dollar olacaqdır. Bu isə 2007-ci ilin göstəricisindən 81,7 faiz, 2008-ci ilin təsdiq olunmuş büdcəsindən 29,8 faiz çoxdur. Təbii ki, fərq çox böyükdür.
Bəziləri büdcənin dəqiqləşdirilməsi səbəblərini dövlət büdcəsinin tərtibi zamanı reallığın nəzərə alınmaması kimi qiymətləndirməyə cəhd göstərirlər. Bu fikirlə razılaşmaq olmaz. Çox düzgün olaraq büdcədə il ərzində zəruri dəyişikliklərin edilməsi 2002-ci ildə qəbul edilmiş “Büdcə sistemi haqqında” Qanunda xüsusi maddə ilə öz əksini tapmışdır. Unutmaq lazım deyil ki, dünyada çox dinamik, ziddiyyətli siyasi-iqtisadi proseslər baş verir. Təbii ki, bu proseslər respublikamıza bu və ya digər dərəcədə təsir edir. Bu prosesi obyektiv qiymətləndirməliyik, respublikanın iqtisadiyyatına, iqtisadi təhlükəsizliyinə mənfi təsir edəcək amillərdən qorunmalıyıq.
İcazə verin, dövlət büdcəsinə daxilolmaların hansı mənbələr hesabına olduğunun bəzi cəhətlərini vurğulayım. Mən bayaq da dedim, biz, həqiqətən, bu dəqiqləşdirmələri aparmalıyıq. Bu dəqiqləşdirmələr dünya bazarında baş verən proseslərdən, Azərbaycanın qloballaşan dünyada inteqrasiya proseslərində iştirakından, eyni zamanda, cənab Prezidentin ölkədə sosial-iqtisadi inkişafı sürətləndirməsindən və artan imkanlarımız daxilində bir sıra dəyişiklikləri həll etməkdən irəli gəlir. Ona görə də dövlət büdcəsindəki dəqiqləşdirmələr bu gün birmənalı şəkildə Azərbaycanın milli maraqlarına, ölkənin iqtisadi təhlükəsizliyinə cavab verir. Belə bir tarixi şans yaranıb və cənab Prezident bu yaxınlarda çıxışında bu şansdan çox ətraflı bəhs etdi və qeyd etdi ki, biz yaranmış bu vəziyyətdən istifadə etməliyik, çünki qarşımızda çox ciddi problemlər var. Biz bu məsələləri daha tez həll etməliyik. İndi var və bu məsələlər həll olunmalıdır. Bu, obyektiv bir prosesdir və reallıqdan doğan məsələdir.
Bu məsələ barəsində İqtisadi siyasət daimi komissiyasında ətraflı danışıldı. Hörmətli Samir Şərifov, hörmətli Heydər Babayev, hörmətli Elman Rüstəmov çıxışlarında bu məsələnin obyektivliyini bir daha konkret faktlarla sübut etdilər, 4 ay ərzində respublikada yaranan iqtisadi mühit nəyi göstərir? Mən saydım, o göstəricilərin hamısı təkmilləşir, inkişaf edir. Təbii ki, cənab Prezident bu məsələyə toxundu. 4 ay ərzində ölkənin iqtisadi inkişafının artım sürəti 14–15 faiz arasında tərəddüd edir. Ola bilsin ki, ilin axırına qədər də bu nisbətdə müəyyən dəyişikliklər olsun. Lakin İqtisadi İnkişaf Nazirliyinin mövqeyi tamamilə düzgündür ki, biz inkişaf etdikcə iqtisadi inkişafın hər faizinin tutumu da artır və biz iqtisadiyyatın özünün strukturunun təkmilləşməsi hesabına daha keyfiyyətli real artıma nail oluruq. Ona görə də bu düzəlişlər həmin dəyişiklikləri zəruri edir.
Cənab Prezidentin bir fikrini nəzərinizə çatdırmaq istəyirəm: “Bildiyiniz kimi, dövlət investisiya xərcləri son illər ərzində bir neçə dəfə artmışdır. Bu yaxınlarda büdcəyə olunacaq əlavələr nəticəsində, mən hesab edirəm ki, dövlət investisiya xərcləri daha da artmalıdır. Bizim neft satışından əldə etdiyimiz gəlirlər artır. Əlbəttə, bu gəlirlər çox şəffaf şəkildə Dövlət Neft Fondunda cəmləşir. Bu həm bizim maliyyə sabitliyimiz üçün lazımdır, həm də bu vəsaiti gələcək nəsillərə əmanət kimi saxlamalıyıq. Ancaq bununla bərabər, ölkə qarşısında duran təcili, təxirəsalınmaz tədbirlərin görülməsi üçün, əlbəttə ki, bu imkanlardan istifadə etməliyik.”
Dövlət büdcəsinə əlavə və dəyişikliklər büdcənin cari və əsaslı xərcləri arasındakı nisbətə də müsbət təsir edəcəkdir. Dövlət büdcəsinin xərclərinin strukturunda cari xərclərin 51,9 faiz, əsaslı xərclərin isə 47,2 faiz olması təklif edilir. Dəyişikliklərin prioritet istiqamətlərindən biri də sosial müdafiə və sosial təminat xərclərinin artırılmasıdır. Sosial xərclərin 72,8 milyon manat və ya 9,8 faiz artırılması nəzərdə tutulur.
Təhsil və səhiyyəyə diqqətin artırılması Azərbaycanın uğurlu gələcəyinin qurulması üçün çox vacibdir. Dövlət büdcəsinə edilən əlavə və dəyişikliklərin mühüm istiqamətlərindən biri ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə ayrılan xərclərin 1,9 milyard manata çatdırılmasıdır. Belə bir dəyişiklik ölkənin milli təhlükəsizliyinə, suverenliyinin qorunmasına xidmət edən düzgün, qətiyyətli strateji addımdır. Bu barədə İlham Əliyevin dediyi fikirləri bir daha səsləndirmək istərdim: “Bəzi hallarda vəziyyətlə yaxından tanış olmayan, yaxud da qərəzli mövqedə dayanan beynəlxalq qurumlar buna görə bizi tənqid etməyə çalışırlar ki, Azərbaycanda silahlanma prosesi gedir və hərbi xərclər artır. Onlar bilməlidirlər ki, Azərbaycanın dövlət büdcəsi son 4 il ərzində 10 dəfə artıbdır. Əlavə artımlar nəticəsində daha çox artacaqdır və hərbi xərclərin çoxalması da obyektiv zərurətdən doğur. Nəzərə alaq ki, biz müharibə şəraitindəyik. Ona görə baxmayaraq ki, 1 milyard 300 milyon dollar çox böyük məbləğdir, mən hesab edirəm və əminəm ki, biz bunu daha da artırmalıyıq. İndi hesablamalar gedir. Hesab edirəm ki, builki müdafiə xərcləri 2 milyard dollara yaxın olmalıdır. Biz bu sahəyə diqqətimizi bundan sonra da yönəldəcəyik və Azərbaycanın artıq çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən böyük potensialdır və biz bunu artırmalıyıq.”
Hörmətli millət vəkilləri, biz araşdırmalar apardıq. Həqiqətən, Avropa ölkələri ilə müqayisədə, – hətta NATO-nun xərcləri daxil edilmədən belə, – Azərbaycanın adambaşına düşən hərbi xərcləri hələ azdır. Biz müharibə şəraitindəyik. Rusiyada, dünyanın sakit, əmin-amanlıq şəraitində yaşayan bir çox ölkələrində adambaşına düşən müdafiə xərcləri qat-qat Azərbaycandan artıqdır. Təbii ki, – belə bir mövqe büdcədə ediləcək dəyişikliklərin mühüm istiqamətlərindən biridir.
Vacib məsələlərdən biri də infrastruktur layihələrinin daha da genişlənməsi istiqamətində atılacaq addımlardır ki, yəqin, Maliyyə Nazirliyi bu sahə ilə bağlı konkret rəqəmlər deyəcək, – bu sahədə də büdcəyə dəyişikliklərin edilməsini məqsədəuyğun sayırıq. Yəni infrastruktur layihələrinin inkişafına əsaslı vəsaitlərin daha da artırılması məqsədəuyğun sayılır, çünki bir çox layihələr yarımçıqdır, davam etdirilməlidir, eyni zamanda, yeni layihələrin işlənməsi vacib məsələlərdən biridir.
Cənab Prezident çox ciddi bir məsələyə toxundu və dünənki sərəncam birmənalı şəkildə göstərir ki, Azərbaycan özünün həm müdafiə qabiliyyətini gücləndirməli, həm də özünün iqtisadi təhlükəsizliyini, eyni zamanda, ərzaq təhlükəsizliyini təmin etməlidir. Cənab Prezidentin prinsipial mövqeyi ondan ibarətdir ki, doğrudan da, bu, tarixi bir məsələdir, – biz ərzaq təhlükəsizliyimizi təmin etmək üçün aqrar islahatların daha da təkmilləşdirilməsi istiqamətində cəsarətli addımlar atmalıyıq. Bu məsələləri isə dövlət vəsaiti olmadan həyata keçirmək mümkün deyil. Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra Azərbaycan cəmiyyətində xeyli prinsipial, təxirəsalınmaz işlər görüldü. Taxıl Fondunun Fövqəladə Hallar Nazirliyinin tərkibində saxlanılmasının özü bir fundamental məsələdir. Bu istiqamətdə də dövlət büdcəsindən müəyyən vəsaitlərin ayrılması nəzərdə tutulmuşdur.
Mənim fikrim belədir ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar olaraq büdcə sistemində, büdcə xərclərinin strukturunda, təbii ki, gələcəkdə dəyişikliklər edilməlidir ki, bu da burada öz əksini tapmışdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial-müdafiə xərclərinin gücləndirilməsi, Dövlət Neft Fonduna daxil olan vəsaitlərdən milli mənafelər baxımından səmərəli istifadə edilməsi dövlət büdcəsində bir sıra dəyişikliklər edilməsini zəruri edir.
Son 4 ildə 100 min nəfərə qədər insanın çalışdığı və ümumi daxili məhsulun 5,5 faizini verən nəqliyyat sektoru dinamik inkişaf edir. Nəqliyyat sektorunda bir sıra beynəlxalq və respublika əhəmiyyətli transmilli layihələr həyata keçirilir. Bu işlər 2008-ci ildə də dövlət büdcəsinə edilən dəyişikliklər nəticəsində daha da artacaqdır.
Ümumiyyətlə, mən istərdim ki, bir neçə rəqəmlərə diqqətinizi cəlb edim və bununla da çıxışımı qurtarım. Dövlət büdcəsinin ümumi xərcləri barədə dedim. Ən vacib məsələlərdən biri dövlət büdcəsinin ümumi daxili məhsulda xüsusi çəkisidir. Ancaq arzulamaq olardı ki, qısa zaman kəsiyində dövlət büdcəsinin ümumi daxili məhsulda xüsusi çəkisi 33 faizə qalxacaq. Hörmətli Samir müəllimlə və komissiyada bu məsələ müzakirə edilərkən biz bunu rahatlıq hissi ilə qarşıladıq. 3–4 il bu rəqəmi qoruyub saxlaya bilmək Azərbaycan üçün çox vacib məsələdir.
Mən istərdim ki, dünya üzrə bir sıra rəqəmləri nəzərinizə çatdırım. Azərbaycanda adambaşına düşən büdcə xərcləri 2008-ci il də daxil olmaqla 1590 manat təşkil edəcək. Bu, MDB məkanında üçüncü göstəricidir. Bu rəqəm Rusiyada 1960, Belarusda 2371-dir. Hələ bir çox ölkələrdən geri qalırıq və büdcə xərclərinin artması realdır. Bəziləri bizi bu yoldan çəkindirmək istəyirlər və deyirlər ki, bu qədər artırmaq nəyə lazımdır? Əgər biz bu gün artırmasaq, gələcəkdə Ümumdünya Ticarət Təşkilatına daxil olanda buna imkan verməyəcəklər.
Məlumat üçün bildirim ki, biz bu yaxınlarda Dünyamin Xəlilovla Belarusda olmuşuq, Belarusun prezidenti sərəncam imzalayıb ki, – hələ Belarus Ümumdünya Ticarət Təşkilatına daxil deyil, – ölkə istehsalçılarını qorumaq, ölkədə rəqabətli milli iqtisadiyyat yaratmaq üçün nə qədər imkan varsa, güzəştlər edilməlidir. Biz çalışmalıyıq ki, Dövlət Neft Fondunun artan vəsaitinin hesabına müəyyən işləri görək, amma qeyri-neft sektorunun inkişafı, innovasiyalı iqtisadiyyatın yaradılması üçün onlara bir çox güzəştlər edək. Bu güzəştlər, yəqin ki, bir müddətdən sonra öz müsbət nəticəsini verəcək.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, hesab edirəm ki, 2008-ci il dövlət büdcəsinə edilən dəyişikliklər vaxtında olunub. Bəzi iqtisadçılar deyə bilərlər ki, tamamilə proporsiyalar dəyişir. Burada qorxulu bir şey yoxdur. Büdcə gəlirlərinin, xərclərinin strukturu dəyişir. Pul var, ondan səmərəli və şəffaf şəkildə istifadə etmək lazımdır ki, üzləşdiyimiz problemləri həll edək. Mən hesab edirəm ki, millət vəkillərinin bu büdcəyə səs verməsi çox vacibdir. Eyni zamanda, hesab edirəm ki, belə bir büdcənin təsdiqi qarşıdakı 5 ildə Azərbaycanda bir çox problemlərin müsbət həllini təmin etməyə imkan verəcəkdir.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Ziyad müəllim, qurtardınız? Buyurun, əyləşin. “Azərbaycan Respublikasının 2008-ci ilin dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə” məsələ ilə bağlı çıxış etmək üçün maliyyə naziri Samir Şərifova söz verilir. Samir müəllim, buyurun.
S. Şərifov. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkə iqtisadiyyatının sürətlə inkişafına yönəldilmiş strategiyasının həyata keçirilməsi dövlətin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti nailiyyətlərin əldə edilməsini şərtləndirir, ölkədə irimiqyaslı investisiya, infrastruktur və sosial-mədəni təyinatlı layihələrin uğurla həyata keçirilməsini təmin edir. 2008-ci il üçün qəbul edilmiş dövlət büdcəsi də məhz bu məqsədlərə nail olmaq üçün ən vacib amillərdən biridir.
Hörmətli millət vəkilləri, məlum olduğu kimi, 2008-ci il dövlət büdcəsinin gəlirlərinin hesablanmasında bir barrel xam neftin ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdür. Hazırda dünyanın neft bazarlarında Azərbaycan neftinin bir barrelinin qiyməti 100 ABŞ dollarını ötmüşdür. Sözsüz ki, bu, icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsində və Dövlət Neft Fondunun 2008-ci il büdcəsində proqnozlaşdırıldığından daha çox gəlirlərin daxil olacağını şərtləndirir. Burada hörmətli Ziyad müəllim öz çıxışında bu məsələlərə toxundu.
Digər tərəfdən, biz beynəlxalq iqtisadi durumu da nəzərə almalıyıq. Beynəlxalq iqtisadi durumda da nəzərəçarpacaq dəyişikliklər baş verməkdədir. Büdcənin mədaxilinin əsasını təşkil edən ABŞ dollarının məzənnəsinin dünyanın əsas valyutaları ilə müqayisədə kəskin enməsi dünya miqyasında ABŞ dolları ilə ifadə olunan mühüm xammal və materialların, maşın və avadanlığın, gündəlik tələbat mallarının, əsasən də, ərzaq məhsullarının qiymətlərinin artmasına gətirib çıxarmışdır. Xüsusilə də ərzaq məhsulları və gündəlik tələbat mallarının qiymətinin sürətlə artması ciddi narahatlıq doğurur. Bu malların bir qismi Azərbaycana idxal olunduğuna görə, sözsüz ki, qiymət artımı inflyasiya meyillərinə də mənfi təsir göstərməkdədir. Bununla əlaqədar Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əlavə tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir. Dövlət başçısı ilk növbədə əhalinin inflyasiyadan qorunması üçün məqsədyönlü proqramların həyata keçirilməsini vacib hesab etmişdir.
Həmin iclasda Prezident İlham Əliyev tərəfindən dövlətin hərbi qüdrətinin gücləndirilməsi və hərbi sənayesinin inkişaf etdirilməsinin də vacibliyi vurğulanmışdır. Eyni zamanda, bir sıra dövlət layihələrinin maliyyələşdirilməsi üçün investisiya xərclərinin artırılması, qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və müvafiq ehtiyatların yaradılması ölkə Prezidenti tərəfindən prioritet vəzifələr sırasına daxil edilmişdir.
Qeyd olunan səbəblər və real vəziyyətlə əlaqədar olaraq 2008-ci ilin dövlət və icmal büdcələrdə dəqiqləşmə aparılması zərurəti yaranmışdır. Bu dəqiqləşdirmə ilk növbədə xərclərin artırılması məqsədi ilə həyata keçirilir. Yuxarıda qeyd olunanlar əsas götürülməklə 2008-ci ilin dövlət və icmal büdcələrdə dəqiqləşdirmə aparılması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur.
İqtisadi siyasət daimi komissiyasının sədri cənab Ziyad Səmədzadə çıxışında qeyd etdi ki, bu məsələyə komissiyada baxılmış və komissiya tərəfindən qanun layihəsinə müsbət rəy verilmişdir.
Qanun layihəsində 2008-ci il dövlət büdcəsi xərclərinin 2 milyard 542 milyon artırılaraq 11 milyard 61 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2008-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin xərclərinə nisbətən 29,8 faiz çoxdur. İlin sonuna gözlənilən ümumi daxili məhsulun dəqiqləşmə ilə nominal həcmi 1 milyard 196 milyon manat və ya 3,8 faiz artırılaraq 32 milyard 665 milyon manat müəyyən edilmişdir. Ümumi daxili məhsulun tərkibində dövlət büdcəsi xərclərinin xüsusi çəkisi 33,9 faizə çatmaqla 2007-ci ilin icrasına nisbətən 9,7 faiz artacaqdır.
2008-ci il dövlət büdcəsinin dəqiqləşməsi ilə bağlı nəzərdə tutulan əlavə xərclərin 983 milyon manatı və ya 38,1 faizi cari xərclərə, 1 milyard 542 milyon manatı və ya 60,7 faizi əsaslı xərclərə, 17 milyon manatı və ya 0,2 faizi dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. Artımlardan sonra 2008-ci il dövlət büdcəsinin xərclərinin 51,9 faizini və 5 milyard 744 milyon manatını cari xərclər, 47,2 faizini və ya 5 milyard 216 milyon manatını əsaslı xərclər, 0,9 faizini və yaxud 101 milyon manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcəkdir.
Bütövlükdə dövlət büdcəsinin tərkibində cari xərclər 4 faiz azalacaq, mütənasib olaraq əsaslı xərclər 4 faiz artacaqdır. Cari xərclərin artımı üçün nəzərdə tutulan 983 milyon manat vəsaitin 420 milyon manatı və yaxud 42,7 faizi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ilk növbədə əmək haqlarının, pensiyaların baza hissəsinin, bir sıra sosial müavinətlərin, fərdi təqaüdlərin və bir sıra sosial ödənişlərin tənzimlənməsinə yönəldiləcəkdir. Ölkənin təhlükəsizliyinin, onun müdafiə potensialının, hərbi sənayesinin gücləndirilməsi məqsədi ilə müdafiə, hüquq mühafizə və məhkəmə orqanlarının saxlanması xərclərinə əlavə xərclərin 16,2 faizi həcmində və ya 411 milyon manat yönəldiləcəkdir.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra mühüm və təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, ilk növbədə aqrar sektora dövlət dəstəyinin artırılması, meliorasiya və irriqasiya işlərinin sürətləndirilməsi, əsas ərzaq məhsulu olan taxıl ehtiyatının yaradılması ilə bağlı xüsusi anbarların tikilməsi və avadanlıqların alınması üçün əlavə olaraq dəqiqləşdirilmiş dövlət büdcəsinə 156,6 milyon manat vəsait yönəldiləcəkdir.
2008-ci il dövlət büdcəsinin dəqiqləşməsi ilə sosial yönümlü tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri, bədən tərbiyəsi və idman tədbirləri xərclərinə əlavə xərclərin 11,6 faizi və ya 294 milyon manatı sərf ediləcəkdir. Bu vəsaitlər, əsasən, bu sferalarda işləyənlərin əmək haqlarının, fərdi təqaüdlərin, dərman xərclərinin və digər zəruri xərclərin maliyyələşdirilməsinə təminat yaradacaqdır.
Nəqliyyat və rabitə, sənaye və tikinti, mənzil-kommunal, iqtisadi fəaliyyət, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərə əlavə xərclərin 10,4 faizi və ya 263,4 milyon manatı sərf ediləcəkdir.
Dövlət xidməti xərclərinə əlavə xərclərin 2 faizi və yaxud 50,4 milyon manat ayrılır ki, bu da, əsasən, əmək haqlarının və ona bərabər tutulan xərclərin tənzimlənməsinə, beynəlxalq təşkilatlarda üzvlük haqqı, dövlətin xarici borcları ilə bağlı xərclərin maliyyə təminatına yönəldiləcəkdir. Azərbaycan Respublikasının yeni yaranmış beynəlxalq öhdəliklərinin təmin edilməsi, dövlətin xarici borcları, beynəlxalq təşkilatlara üzvlük haqları xərclərinin tənzimlənməsi üçün 26 milyon manat vəsait ayrılmışdır. Bu da, əsasən, siyasi və iqtisadi baxımdan çox zəruridir. Söhbət ilk növbədə bu yaxınlarda Türkmənistanla borcların tənzimlənməsinə dair sazişin imzalanmasından və bu sazişdən irəli gələn əlavə öhdəliklərin həyata keçirilməsindən gedir.
Bu gün ən aktual məsələlərdən biri də dövlət başçısının ölkənin həyatı üçün vacib bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, əsas tikinti materiallarının və avadanlıqlarının qiymətinin artımı ilə əlaqədar yaranmış problemlərin həllindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etməkdir. Həmin məqsəd üçün dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə artımın 59,2 faizi həcmində və ya 1 milyard 505 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Dəqiqləşmədən sonra dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu üzrə xərcləri 4 milyard 326 milyon manata çatmaqla onun büdcədə xüsusi çəkisi 6 faiz artaraq 39,1 faiz olacaqdır.
Əsaslı vəsait qoyuluşu üzrə artım aşağıdakı istiqamətlərə yönəldiləcəkdir. Artımın 73,9 faizi və yaxud 1 milyard 112 milyon manatı infrastrukturların, o cümlədən Bakı şəhərində elektrik paylayıcı şəbəkə sisteminin yenidən qurulmasına, bir sıra nəqliyyat kommunikasiyalarının, yolların tikintisi və bərpasına, Bakı metropoliteni üçün yeni vaqonların alınmasına, Naxçıvan Muxtar Respublikasının ərazisində bir sıra infrastrukturların təmir və tikintisinə, Ağcabədi, Beyləqan, Horadiz qaz xəttinin çəkilməsinə və Horadiz qəsəbəsinin qazlaşdırılmasına, Xəzər Dəniz Gəmiçiliyinə dövlət yardımı göstərməklə gəmi-bərənin və tankerin alınmasına və digər layihələr üzrə xərclərə yönəldiləcəkdir.
Artımın 10,5 faizi və yaxud 158,3 milyon manatı müdafiə, təhlükəsizlik, daxili işlər, sərhəd, gömrük və digər strukturlar üzrə yeni əsgər kazarmalarının, hospitalların, sərhəd keçid məntəqələrinin, xüsusi təyinatlı binaların tikintisinə və avadanlıqların alınmasına və digər zəruri xərclərə yönəldiləcəkdir.
Artımın 11,4 faizi və ya 171,5 milyon manatı təhsil, səhiyyə, mədəniyyət, turizm və digər sahələr üzrə sosial yönümlü obyektlərin tikintisinə, yenidən qurulmasına və avadanlıqların alınması xərclərinə yönəldiləcəkdir. Artımın 2,3 faizi və ya 34 milyon manatı dövlət orqanlarında sosial və inzibati təyinatlı binaların tikintisinin və yenidən qurulmasının başa çatdırılmasına yönəldiləcəkdir.
Yaşayış məntəqələrinə aid olan kommunal təyinatlı infrastrukturların abadlaşdırılması, xaricdə diasporanın inkişafı, səfirlik və digər diplomatik nümayəndəliklərin saxlanılması, ayrı-ayrı sahələr üzrə maddi-texniki təminatın yaxşılaşdırılması, xarici valyutanın məzənnə fərqinə görə yaranmış zərər və qiymət artımı ilə bağlı bir sıra zəruri xərclərin artırılması üçün də ayrılacaq vəsaitin dövlət büdcəsində dəqiqləşdirilməsi nəzərə alınmışdır. 2008-ci il üzrə ölkənin dəqiqləşdirilmiş sosial iqtisadi göstəricilərinin təhlili, eyni zamanda, cari ildən ötən dövr ərzində ölkə iqtisadiyyatının inkişaf dinamikası, əldə edilmiş yüksək iqtisadi göstəricilər, əlavə göstərilmiş xidmətlər və yeni yaradılacaq dəyərlər hesabına artan real vergi bazası ilin sonuna kimi dövlət və icmal büdcələrinə təsdiq olunmuş həcmdən artıq vəsaitin daxil olacağına zəmin yaradır. Bu artımlar yuxarıda qeyd etdiyim xərclərin maliyyə təminatına imkan verəcəkdir.
Dəqiqləşmə ilə 2008-ci il dövlət büdcəsinin gəlirlərinin 3 milyard 92 milyon manat artırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 41,8 faiz çoxdur. Bu təklif qəbul olunarsa, dövlət büdcəsi gəlirlərinin ilin sonuna gözlənilən ümumi daxili məhsulun tərkibindəki xüsusi çəkisi 32,1 faiz səviyyəsinə qalxmaqla 2007-ci ilə nisbətən 8,3 faiz artacaqdır. Dəqiqləşmə ilə 2008-ci il dövlət büdcəsi gəlirlərinin 4 istiqamətdə artırılması nəzərdə tutulub. Vergilər Nazirliyinin topladığı gəlirlər 380 milyon manat, Dövlət Gömrük Komitəsinin topladığı gəlirlər 10 milyon manat, Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfer 2 milyard 700 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə daxilolmalar 1,5 milyon manat artırılacaq. Artımlardan sonra Vergilər Nazirliyi vasitəsi ilə dövlət büdcəsinə yığılan gəlirlər 5 milyard 380 milyon manat təşkil etməklə 2007-ci ilin icrasına nisbətən 19,3 faiz, 2008-ci ilin təsdiq olunmuş büdcəsinə nisbətən 7,6 faiz çox olacaqdır. Dövlət Gömrük Komitəsi xətti ilə yığılan gəlirlər 1 milyard 110 milyon manat olmaqla, 2007-ci ilin icrasına nisbətən 43,8 faiz, 2008-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 0,9 faiz artacaqdır.
2008-ci il üzrə dəqiqləşdirilmiş dövlət büdcəsi gəlirlərinin artımı vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi və vergilər üzrə bir sıra daxilolmaların, o cümlədən fiziki şəxslərdən gəlir vergisinin, mənfəət vergisinin, əlavə dəyər vergisinin, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin artırılması hesabına təmin ediləcəkdir. Dövlət büdcəsinin yerli gəlirləri 53 milyon manat və ya 20,5 faiz, yerli xərcləri isə 16,5 milyon manat və ya 1,8 faiz artacaqdır.
2007-ci il dövlət büdcəsinin vahid xəzinə hesabındakı qalığının real məbləği nəzərə alınaraq artıq icra haqqında qəbul etdiyiniz qanunla 175,2 milyon manat məbləğində təsdiq olunmuşdur. 2008-ci il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 1 milyard 126 milyon manat vəsaitin 550 milyon manat azaldılması və dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 576,7 milyon manat məbləğində maliyyələşdirmə mənbəyinin saxlanılması nəzərdə tutulub. Dəqiqləşdirilmə aparıldıqdan sonra dövlət büdcəsinin kəsiri ilin sonuna gözlənilən ümumi daxili məhsulun 1,8 faizini təşkil edəcəkdir. 2008-ci il üçün dəqiqləşdirilmiş icmal büdcənin gəlirlərinin 6 milyard 967 milyon manat və ya təsdiq olunmuş büdcəyə nisbətən 66,4 faiz artırılması nəzərdə tutulur. İcmal büdcənin xərcləri təsdiq olunmuş büdcəyə nisbətən 25,3 faiz artaraq 12 milyard 774 milyon manat təşkil edəcəkdir. Dəqiqləşdirmədən sonra icmal büdcənin profisiti 4 milyard 691 milyon manata çatacaqdır. Yenə də xatırlatmaq istərdim ki, dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb. Bu rəqəmlə də, qeyd etdiyim kimi, profisit 4 milyard 691 milyon manat təşkil edəcəkdir. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 5 milyard 454 milyon manat olmaqla gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 16,7 faiz təşkil edəcəkdir. Dövlət Neft Fondunun 2 milyard 700 milyon manat əlavə xərcini dövlət büdcəsinə verilən transfert təşkil edəcəkdir. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 137 milyon manat artırılması nəzərdə tutulub ki, bu vəsait, əsasən, əmək pensiyalarının baza hissəsinin, bəzi müavinətlərin, Dövlət Sosial Müdafiə Fondunun və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması xərclərinin artırılmasına yönəldiləcəkdir.
Dövlət büdcəsində Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan 39,3 milyon manat artımla yanaşı, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 3,1 milyon manat, təsdiq olunmuş büdcəyə nisbətən 1,4 faiz artırılacaqdır. Hörmətli millət vəkilləri, bütövlükdə 2008-ci il dövlət və icmal büdcələrində aparılan dəqiqləşdirmə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, iqtisadiyyatın stimullaşdırılması, ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, 2009-cu il və sonrakı 3 il dövlət və icmal büdcələri üçün daha böyük bazanın yaradılması yolunda öz müsbət rolunu oynayacaqdır. Əminəm ki, siz də bu təklifləri bəyənib, onların qəbul olunmasına səs verəcəksiniz. Əvvəlcədən hamınıza təşəkkürümü bildirirəm. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

 
Sədrlik edən. Sağ olun, Samir müəllim. Müzakirəyə başlayırıq. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Biz bu gün 2008-ci il dövlət büdcəsinə edilən dəyişiklik barədə məsələni müzakirə edirik. İlk əvvəl mən iki müsbət cəhəti qeyd etmək istəyirəm. Birinci müsbət cəhət ondan ibarətdir ki, biz bu gün dövlət büdcəsinə əlavə edilən vəsaitləri müzakirə edirik və bu, ümumi inkişafın tendensiyasını özündə əks etdirir. İkinci müsbət cəhət ondan ibarətdir ki, payızda qəbul elədiyimiz büdcədə büdcə kəsiri 1 milyard manatdan da çox idi və indi demək olar ki, o, yarıbayarı azalıbdır. Bu da müsbət tendensiya kimi qəbul edilməlidir.
Bununla yanaşı, mənim bir sıra mülahizələrim var və onu sizinlə bölüşmək istəyirəm. Məlum olduğu kimi, indi Azərbaycanın dövlət büdcəsinə təxminən 3,1 milyard manat məbləğində vəsait əlavə olunur və bunun da 2,7 milyard manatı Dövlət Neft Fondundan transferlərdir. Qalan vəsait, əlbəttə, elə də böyük vəsait deyil. Gəlirlər 41,8, xərclər isə 29,8 faizdir. Yəni bütövlükdə xərclər hissəsi 30 faiz artır. Amma bu 30 faizlə müqayisədə təhsilə 14,5, səhiyyəyə 16, elmə 12, kənd təsərrüfatına vur-tut 7 faiz vəsait ayrılır.
Məlum olduğu kimi, ölkə Prezidenti ərzaq təhlükəsizliyi barədə sərəncam verib. Bu ərzaq təhlükəsizliyinin bir hissəsi dünyada gedən tendensiyalarla bağlıdırsa, digər bir hissəsi isə ölkə daxilində gedən proseslərlə bağlıdır. Bax, mən bilmək istəyirəm ki, bu əlavələrdə respublikanın ərzaq təhlükəsizliyini özündə ehtiva edən hansı müddəalar vardır? Əgər biz ərzaq təhlükəsizliyindən danışırıqsa, necə olur ki, bötüvlükdə kənd təsərrüfatına ayırmalar vur-tut 7 faizdir. Halbuki prokurorluq və məhkəmə orqanlarının saxlanması üçün ayrılan vəsait 17 faizdir. Digər tərəfdən, mən burada hökumət üzvlərinin olmasından istifadə edərək, demək istəyirəm ki, cənab nazirlər, elm, təhsil, mədəniyyət, səhiyyə işçilərinin sosial vəziyyəti həddindən artıq ağırdır. Addımbaşı biz onların şikayətləri ilə qarşılaşırıq. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında işləyən elmlər doktoru 150 manatdan artıq əmək haqqı almır. Əgər siz bu əmək haqqını onlara verirsinizsə, bunun reseptini də verin ki, bu bahalaşmanın fonunda onlar bu 150 manatla öz dolanışıqlarını necə təmin etsinlər.
İkinci, Oqtay müəllim, biz bu qədər böyük bir vəsait əlavə eləyirik, niyə əmanətlərin qaytarılması ilə bağlı vəsait nəzərdə tutulmur? Axı, bu, dəfələrlə Milli Məclisdə müzakirə edilib, dəfələrlə vətəndaşların şikayətləri ilə qarşılaşmışıq. Bu vəsaitlər bilavasitə insanların öz alın təri ilə qazanılıb, heç kəs sovet dövründə oğurladığı pulu gətirib əmanət kassasına qoymayıb. Mən xahiş eləyirəm, heç olmasa, 75 yaşından yuxarı vətəndaşların əmanətlərinin qaytarılması ilə bağlı məsələlərə yenidən qayıdaq.
Burada Ziyad müəllim də qeyd elədi ki, Dövlət Neft Fonduna daxil olan vəsaitlərin bir hissəsi gələcək nəsillər üçün saxlanılmalıdır. Neft istehsal edən ölkələrin böyük əksəriyyəti bu yolu tutur və bir qayda olaraq onlar neftdən gələn gəlirlərin 4–10 faizini xərcləməyə üstünlük verirlər. Məsələn, bu, Norveçdə 4 faizdir, amma Azərbaycanda 70 faizdən yuxarıdır. Bu qayda ilə getsə, ümumiyyətlə, Dövlət Neft Fondunda nəyinsə qalacağına ümid eləmək mümkün olmayacaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Cəmil müəllim. Yəqin, Sizin suallarınızın bir qisminə Samir müəllim cavab verəcək. Mən bir daha diqqəti əmanətlərə yönəltmək istəyirəm. Hər dəfə də söhbət qalxır. Biz daxili bir komissiya yaratdıq ki, hökumətə bu məsələləri həll etmək üçün təkliflər verək, bir mexanizm yaradaq. Mən bir də deyirəm, hələ bu mexanizm axıra kimi işlənilməyib, yoxdur. Əgər varsa, komissiyada durub biri desin ki, belə bir mexanizm var.
Bu mexanizm ortaya çıxan kimi, Azərbaycan hökuməti üçün 50 milyon, 100 milyon, 500 milyon bir pul deyil. Bu proses həll olan kimi bu məsələ büdcədə öz əksini tapacaq. Mən bir də sizə deyirəm ki, hələ bu mexanizm yoxdur. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2007-ci ilin dövlət büdcəsi ilə əlaqədar geniş məlumat verildi. Hesablama Palatasının rəyində də mövcud nöqsanlar barədə geniş məlumat verilib. Amma mən bir məsələyə toxunmaq istəyirəm. 2008-ci il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 2,5 milyard dollara çatıb. Daxili borc isə 293 milyondur. Bunların arasında böyük bir fərq yaranır. Düzdür, adambaşına düşən 285 dollar təxminən xarici borc, o cümlədən yuxarı həddin bu səviyyədə saxlanması, yəni ona riayət olunması burada elə bir böyük çətinlik yaratmır. Amma mən belə hesab edirəm ki, daxili borcların hesabına xarici borclardan, xüsusilə də dövlət zəmanəti ilə alınan xarici borclardan çəkinmək lazımdır. Artıq Azərbaycanda iri banklar peyda olub. Həmin banklardan kredit götürmək yolu ilə istənilən layihələri həyata keçirmək mümkündür. Mən belə hesab edirəm ki, artıq 2008-ci və 2009-cu illərdə xarici borcun artmasına imkan vermək olmaz, çünki bu elə bir həddə gəlib çata bilər ki, gələcək nəsillər bizi bununla əlaqədar tənqid edə bilərlər.
2008-ci ilin dövlət büdcəsi ilə əlaqədar burada qeyd olundu ki, 2,5 milyard manat dövlət büdcəsinə əlavə olunur. Bunun da əsas hissəsi, – mən bunu tamamilə düzgün hesab edirəm, – müdafiə xərclərinə və əsaslı tikintiyə ayrılır. Burada sosial müdafiə üçün cəmi 140 milyon manat vəsait ayrılıb. Bunun da 136 milyonu faktiki olaraq pensiyanın baza hissəsinin artırılmasına yönəldilib. Amma ehtiyac meyarının, yaşayış minimumunun artması ilə əlaqədar mən burada elə bir ciddi dəyişiklik görmürəm.
Vaxtın azlığını nəzərə alıb tezis formasında bir-iki məsələyə toxunmaq istəyirəm. Birinci məsələ kənd təsərrüfatı ilə bağlıdır. Burada qeyd olundu ki, kənd təsərrüfatına ayrılan vəsait ümumi büdcənin təxminən 4 faizini təşkil edir. Bu da az məbləğdir. Biz kənd təsərrüfatında və son zamanlar dünyada ərzaqla bağlı yaranan vəziyyəti nəzərə alaraq kənd təsərrüfatına diqqəti artırmalıyıq. Cənab Prezidentin ərzaq təhlükəsizliyi ilə əlaqədar sərəncamını mən müsbət addım hesab edirəm. Elə etmək lazımdır ki, biz kənd təsərrüfatında çox ciddi irəliləyişlərə nail olaq. Mənə elə gəlir ki, taxılla, unla bağlı qıtlıq Azərbaycanda gözlənilmir. Azərbaycanın lazımi səviyyədə maliyyə ehtiyatları var və Azərbaycan hökuməti çevik hərəkət etsə, biz taxıl və un qıtlığı ilə üzləşməyəcəyik. Amma dünyada gedən bahalaşma bizi çox narahat edir. Bu bahalaşma Azərbaycanın daxili bazarına da öz təsirini göstərir. Biz qiymət siyasətindən danışanda bəzən hökumət üzvləri elə başa düşürlər ki, biz qiymətlərə nəzarəti nəzərdə tuturuq. Biz qiymətlərin dövlət tərəfindən tənzimlənməsini nəzərdə tutmuruq, amma elə bir şərait yaratmaq lazımdır ki, Azərbaycan dövlətinin, hökumətinin Azərbaycanda gedən bahalaşmaya təsir etmək imkanları olsun.
Düzdür, unun və taxılın əlavə dəyər vergisindən azad edilməsi müsbət haldır, amma bu da bahalaşmanın qarşısını almayacaq. Ona görə ki, Azərbaycanın bu sahədə ehtiyatı olduqca azdır. İstər taxıl, istər un, istərsə də digər ərzaq məhsullarının ehtiyatı yoxdur. Regionların iqtisadi inkişaf proqramları çərçivəsində hər regionda ayrıca soyuducu bazanın yaradılması nəzərdə tutulmuşdur. Gəlin baxaq, 4 il keçib, hansı zonada həmin soyuducu bazalar yaradılıb? Faktiki olaraq heç bir zonada belə soyuducu bazalar yaradılmır. Ona görə də dövlət siyasətinə hökumətin təsirinin olması üçün mütləq hökumətin ehtiyatından danışmaq lazımdır. Bu ehtiyat sovet vaxtında da, ondan əvvəllərdə də olub. Azərbaycan müharibə şəraitində yaşayan bir dövlətdir. Bizim, heç olmasa, ikiillik ərzaq ehtiyatımız olmalıdır.
Nəzarət mexanizmi ilə əlaqədar bir neçə kəlmə demək istəyirəm. Faktiki olaraq büdcə xərclərinin 40–42 faizi əsaslı vəsaitə, yəni investisiyaya yönəldilib. Komissiyada da dedim, burada nəzarət mexanizmi aşağı səviyyədədir. Maliyyə Nazirliyindən xahiş edirəm ki, ümumiyyətlə, bu xərclərin üzərində çox ciddi nəzarət həyata keçirilsin, bunun mexanizmi işlənib hazırlansın. Lazımdırsa, təzə bir qanun layihəsi hazırlayaq. Ona görə də mən belə hesab edirəm ki...
Sədrlik edən. Çox sağ olun. Amma mən sizin banklar və kredit məsələsi ilə bağlı dediklərinizlə razılaşmaq istəmirəm. Biz arzu edərdik ki, bizim də banklarımızın imkanı olsun, onlar da 4 faizdən kredit, 20 illik, 30 illik güzəştli kreditlər verə bilsinlər. Hələlik bankların ona imkanı çatmır. Bu güzəştli kreditlər yalnız zəmanətlə verilir. Səhv etmirəmsə, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və yapon bankları 3–4 faizlə 20–30 illik kreditlər verir. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Mən də 2007-ci il dövlət büdcəsinin icrası ilə bağlı bir neçə fikrimi bildirmək istəyirəm. Əgər vaxtım çatarsa, təbii ki, həm də 2008-ci il dövlət büdcəsinə edilən dəyişikliklərlə bağlı fikrimi də bildirəcəyəm.
Ölkədə bu gün hər kəsi ən çox narahat edən məsələ 2007-ci ilin əvvəlindən başlayaraq mütəmadi artan qiymətlər və əhalinin sosial vəziyyətinin ağırlığıdır. Təbii ki, bunun obyektiv səbəbləri də var, amma mən daha çox subyektiv səbəblər üzərində dayanmaq istəyirəm. Obyektiv səbəblər onsuz da hər kəsə bəllidir və dünyada qiymətlərin qalxması nəticə etibarilə Azərbaycana da ciddi təsir edir. Burada bir sıra məsələlər xüsusilə diqqəti cəlb edəndir. Bilirsiniz ki, son günlər çörəyin qiymətinin qalxması, bu istiqamətdə bir ajiotajın yaranması əhalinin bütün təbəqələrini ciddi şəkildə narahat edir. Mən büdcə icmalında kənd təsərrüfatı sahəsinə ayrılan vəsaitlər və onun icrası ilə bağlı məsələyə diqqət ayırmaq istəyirəm. Burada qeyd olunur ki, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə yardımın verilməsi təmin edilmiş (40 manat), bu məqsədlə 68,9 milyon manat vəsait sərf olunmuşdur. Təbii ki, bu məqsəd üçün 68,9 milyon vəsait sərf edən hökumət 40 manatdan böləndə 1 milyon 722 min 500 hektar ərazidə taxıl əkməliydi. Bu qədər ərazidə taxıl əkən hökumət bu gün taxıl böhranından danışır. Əgər Statistika Komitəsinin rəsmi rəqəmlərinə inansaq, hər hektara görə məhsuldarlıq 27,1 sentner olub. Onda ölkədə gərək bu gün 4 milyon tondan çox taxıl olaydı və ölkə nəinki təkcə daxili bazarın tələbatlarını ödəməliydi, həm də xarici bazara kifayət qədər taxıl ixrac etməliydi. Mən ombudsmanın hesabatı zamanı da bu tipli rəqəmlərə toxunmuşdum və onda “burada bir texniki səhv olmuşdur” – deyə fikir bildirdilər. Güman edirəm, hörmətli hökumət nümayəndələri bu dəfə deməyəcəklər ki, burada texniki səhvlər olub. Çünki burada çox aydın yazılıb ki, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə yardım (40 manat) məhz 68,9 milyon manat vəsait hesabına formalaşıb. Dövlətin bu vəsaiti kimə, necə verilib? Verilibsə, bu qədər əkin sahəsində taxıl ən aşağı məhsuldarlıqla – heç 27,1 sentnerdən demirəm, 10 sentnerdən götürülübsə, niyə ölkədə taxıl qıtlığı yaranır? Niyə ölkə xaricdən taxıl almaq üçün müxtəlif danışıqlara gedir? Yaxud bunun müqabilində 80 milyon manat mazut, sürtkü, motor yağları, mineral gübrələrin alınmasına xərclənib. Təbii ki, 68,9 milyon manat rəqəmi doğrudursa, onda 80 milyon manat rəqəmi də pul şəklində bu sahələrə xərclənib və ciddi yeyintiyə yol verilib.
Burada “AZAL” Dövlət Konserninə Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə görə 11,9 milyon manat vəsait ayrılıb. Bu gün ərzində Naxçıvana uçan təyyarələr üçün 32 min 602 manat vəsaitin ayrılmasıdır. Bu da gündə Naxçıvana 815 nəfərin uçması deməkdir. Əgər gündə 815 nəfər adam ora uçarsa, Naxçıvanın 300 min əhalisi il ərzində bundan yararlanmış olur. O statistikanı qaldırın, baxın, görün, bu qədər adam uçurmu?
Büdcənin icmal hissəsində qeyd olunur ki, mədəniyyət, turizm obyektlərinin tikintisi və təmirinə ayrılmış 67,5 milyon manat 13 adda müəssisəyə xərclənib. Əgər 67,5 milyon manatı 13 müəssisə arasında bölsən, hər birinə orta hesabla 5,1 milyon manat vəsait düşür. Bu vəsaitlə saydığımız muzeylərin, teatrların hər birini yenidən tikmək mümkün idi. Quba Tarix Diyarşünaslıq Muzeyinin, İncəsənət Muzeyinin təmiri üçün 5,1 milyon manat vəsait xərclənib. Dövlətin vəsaitini bu şəkildə, ifrat dərəcədə xərcləmək və bunun hesabatını təsnifat formasında yazmamaq, mən hesab edirəm ki, doğru deyil. Hökumət üzvlərinin hesabatında bu, ciddi şəkildə göstərilməlidir. Yaxud Şəki rayonu ərazisində Şin çayı üzərində körpünün tikintisinə 3,3 milyon manat vəsait ayrılıb. Bu vəsaitə Kür çayının üzərində körpü tikmək mümkündür. Açın xəritəni, baxın, görün, Şin çayını orada tapa biləcəksinizmi? Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal müəllim, çox alovlu danışdınız, ancaq bir qiymətlərə də baxın. Mədəniyyət sahəsinə ayrılan vəsaitdən danışdınız. Gedin, baxın, görün, Rus Dram Teatrı artıq nə vəziyyətdədir. Obyektlərə baxın, qiymət axınına baxın. Ümumi söhbətlər etmək məsələyə düzgün yanaşma deyil. Saat 4-ə qədər fasilə elan olunur.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli deputatlar, müzakirəni davam etdiririk. İndi əvvəlki siyahını gətirəcəklər. Müzakirələr dayanmasın deyə, yeni siyahı ilə söz verirəm. İsmayıl Hacıyev. Əvvəlki siyahı gələn kimi müzakirəni onunla davam etdirəcəyik.
İ. Hacıyev. Hörmətli sədarət, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri, hörmətli mətbuat nümayəndələri! Bu gün müzakirə olunan həm 2007-ci il dövlət büdcəsinin icrası haqqında, həm də “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədəki məsələlər parlament tarixində mühüm əhəmiyyətə malikdir. 90 illik tarixə malik olan Azərbaycan parlamentində ənənəvi məsələlər həmişə müzakirə olunmuş və bu gün də müzakirə olunur. Belə məsələlərdən biri də bu gün müzakirəsi keçirilən dövlət büdcəsinə müəyyən dəyişikliklərin edilməsidir.
Bu hansı zərurətdən irəli gəlmişdir? 2007-ci il dövlət büdcəsinin icrası ilə bağlı həm hörmətli maliyyə naziri, həm də İqtisadi siyasət daimi komissiyasının sədri geniş məlumat verdilər. Bir daha aydın oldu ki, 2007-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi, xüsusilə də sosial-iqtisadi həyatında çox ciddi dəyişikliklər baş vermişdir. Respublikamızın iqtisadi-siyasi həyatında çox böyük əhəmiyyətli rolu olan dövlət büdcəsi uğurla yerinə yetirilmişdir. Bunun nəticəsidir ki, həmin uğurlar 2008-ci ilin ilk aylarında da təsadüf olunur. Yəni 2008-ci ilin birinci rübünü keçən ilin birinci rübü ilə müqayisə etdikdə bir daha aydın olur ki, bütün sahələrdə ciddi dəyişikliklər baş vermişdir. Bu da respublikamızın sosial-iqtisadi həyatında dövlət büdcəsinin nə qədər əhəmiyyət daşıdığını və onun nə qədər uğurla həyata keçirildiyini bir daha göstərir.
Bu dəyişikliklər ilk növbədə onunla bağlıdır ki, artıq ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasət Azərbaycan Respublikasına uğur gətirmişdir. Respublikamıza xeyli əlavə vəsait qazandırılmış və bu, dövlət büdcəsində öz əksini tapmalıdır. Düzdür, bəzi qüvvələr bunu hökumətin büdcə siyasətinin qeyri-ciddiliyi kimi əsaslandırmağa çalışırlar. Lakin birmənalı olaraq hamı qəbul edir ki, büdcə dəyişikliyi heç də hökumətin büdcə siyasətinin qeyri-ciddiliyi ilə bağlı deyildir. Bu, bəzi qüvvələrin, sadəcə, öz arzularından irəli gələn fikirləridir ki, hörmətli Ziyad müəllim də çıxışında bunu qeyd etdi. Bunu bu cür qəbul etmək qeyri-mümkündür və bu, rədd olunmalıdır.
Hökumətimiz büdcə siyasətini düzgün tərtib etmiş və bu siyasət uğurla həyata keçirilir. Birinci rübün nəticələri bir daha büdcə siyasətinin uğurla həyata keçirildiyini göstərir. Həm gəlirlər, həm də xərclər sahəsində büdcədə yenidən nə qədər əlavə vəsaitin sərf olunacağı açıq şəkildə göstərilir. Büdcəyə edilən əlavələr əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ölkənin müdafiə potensialının möhkəmləndirilməsinə və regionlarda infrastrukturun təkmilləşdirilməsinə yönəldilir. Bu da 2008-ci il büdcə siyasətinin uğurla davam etdirilməsinə təkan verəcəkdir.
Məndən əvvəl çıxış edən həmkarlarım da qeyd etdilər, bəli, dövlət büdcəsinə edilən dəyişikliklər ilk növbədə elə proporsional bölünməlidir ki, bu, həyatın bütün sahələrində öz əksini tapsın. Əslində, bu siyasət bu cür də aparılır. Lakin qeyd etməliyəm ki, – Cəmil müəllim də onu dedi, – elm, təhsil, mədəniyyət sahələrinə ayrılan vəsait bilavasitə o sahlərin sürətli inkişafına yönəldilməlidir və bu bir qədər artıq müəyyən olunmalıdır. Gizli deyil ki, respublikamızda təhsil, elm, mədəniyyət çox sürətlə inkişaf edir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş siyasi kurs indi də davam etdirilir. Arzu edərdik ki, elmi işçilərin əmək haqlarının artırılmasına bir qədər də diqqət yetirilsin, çünki elm sahəsinə gələn gənc kadrlar bu problemlərlə qarşılaşırlar. Ailə problemləri, üstəlik əmək haqlarının aşağı olması elmi potensialın artmasına imkan vermir. Təsadüfi deyil ki, az əmək haqqı alan kiçik elmi işçi...
Sədrlik edən. Sağ olun, İsmayıl müəllim. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli qonaqlar, hörmətli millət vəkilləri! Mən büdcəyə əlavələrlə bağlı fikirlərimi ümumi formada bildirmək istəyirəm. İlk öncə ondan başlamaq istəyirəm ki, cənab Prezident bu yaxınlarda çıxışlarının birində qeyd etdi ki, bizim hərbi xərclərimiz 2 milyard dollara yaxın olacaq. Mən bizə təklif olunan layihəyə baxıram, yuvarlaq rəqəmlərlə götürəndə, bu, 1 milyarda yaxındır, 1,5 milyarddan aşağıdır. Ziyad müəllim də çıxışında qeyd etdi ki, bu, 2 milyarda qədər olacaq, amma burada 1 milyard 343 milyondur. Biz əgər qanunu qəbul etsək, bu necə öz-özünə 2 milyarda qalxacaq? Təklif edirəm ki, hərbi xərcləri artıraq. Bu yaxınlarda Ermənistan parlamentində Dağlıq Qarabağ problemi ilə bağlı bəyanat qəbul olundu. Bu, Azərbaycan parlamentinin ona layiqli cavabı olardı. Təsəvvür edək ki, dünyada neftin qiyməti qalxmayıb, qəbul etdiyimiz büdcə əvvəlki kimi qalıb. Təmir, tikinti işlərinə yenidən 1,5 milyard manat ayrılır. Məncə, biz hərbi xərcləri 2 milyard manata çatdırmalıyıq. Bu gün Prezident də, hökumət də, millət vəkilləri də – bütün cəmiyyət dünyada ərzaq mallarının qiymətinin qalxmasından danışır. Bunun üçün də biz dövlət büdcəsindən maliyyələşən aztəminatlı təbəqənin maaşlarını artırmalıyıq. Bura ilk növbədə həkimlər, müəllimlər və elmi işçilər daxil olmalıdırlar. Bunların əmək haqları ən azından 2 dəfə artırılmalıdır ki, onlar heç olmasa, minimum yaşayışlarını təmin edə bilmiş olsunlar.
Kənd təsərrüfatı ilə bağlı məsələyə gəldikdə isə deyim ki, bu sahədə tanınmış mütəxəssislərdən Yeni Azərbaycan Partiyasının üzvü hörmətli həmkarımız Eldar İbrahimovdur. Mən dünən onun “Şərq” qəzetində müsahibəsini oxudum. Bildirir ki, kənd təsərrüfatına ən aşağısı 400–450 milyon manat kredit qoyulmalıdır. Axı, dövlətin bu pulu var. Biz bu pulu niyə bu sahəyə qoymuruq? Hər gün Goranboydan, Tərtərdən mənə teleqramlar daxil olur, onlar əkin sahələrini suvara bilmirlər. Mən dəfələrlə Milli Məclisin iclaslarında bu məsələni qaldırmışam, orada subartezian quyuları qazılmalıdır. Amma bir dəfə burada mənə cavab verildi ki, Şəmkir üzərində bir dəryaça tikiləcək və təbii axarla oralara su çəkiləcək. Amma 3 il vaxt keçir, yenə də hökumət bu istiqamətdə heç bir addım atmır və subartezian quyuları da qazılmır. Hətta dünən Qızıl Hacılı qəsəbəsinin 20-yə qədər sakinindən teleqram almışam ki, içməli suları yoxdur. Əhalinin vacib problemlərini həll etmək lazımdır.
Məhəmməd peyğəmbər buyurur ki, Allah o işləri bəyənir ki, onlar vacib olan işlərdir. Bu gün parkların abadlaşdırılmasından daha vacib olan işlər əvvəl sadaladığım məsələlərdir. Çoxlu sayda parkları yenidən təmir edirlər. Bu parklarda müəyyən iaşə obyektləri var. Oradakı obyektlərin sahiblərinə uzunmüddətli kredit formasında aşağı faizlə pul verirlər ki, bu parkı abadlaşdır, buradan böyük pullar qazanacaqsan. Sonra da o krediti qaytararsan. Oradakı iaşə müəssisəsini özlərinə yaxın bir sahibkara verirlər ki, get, buradan pul qazan. Əlbəttə, bunu bütün parklara aid etmək olmaz, amma hökumət ümumxalq sərvətinin xərclənməsinə qənaətlə yanaşmalıdır.
Mən hesab edirəm ki, bu layihə geri qaytarılmalı, yenidən işlənilməlidir. Hərbi xərclər artırılmalıdır, biz torpaqlarımızı işğaldan azad etməliyik. Mən bilirəm, Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən müəyyən təzyiqlər var ki, niyə hərbi xərclərinizi artırırsınız? Hərbi xərci artıra bilməyən bir ölkə torpaqlarını azad edə bilərmi? Onun üçün mən bu fikirdəyəm ki, biz mütləq büdcəyə yenidən baxmalıyıq. Hamınızdan üzr istəyirəm, kiş-kiş deməklə donuz zəmidən çıxmaz. Sözlə ermənilər bizim torpaqlarımızı azad etməyəcəklər, o beynəlxalq təşkilatlarda onlara lazımi təzyiqi göstərmirlər. Bunun yeganə yolu hərbi xərcləri artırmaqdır. Mən hesab edirəm ki, təmir-tikinti işləri üçün ayrılan 1,5 milyard manat vəsait bütünlüklə sadaladığım o sahələrə ayrılmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, çox sağ olun. Amma bir məsələni demək istəyirəm. Büdcə sistemi elmdir, bunun hamısını götürüb bir sahəyə yönəltmək olmaz. Bu, bütün sahələr üzrə proporsional şəkildə bölünməlidir. Ona görə də nə imkan varsa, hökumət onu edir. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Mən də 2007-ci il büdcəsinin icrasını bəyənirəm və onun lehinə səs verəcəyəm. Burada əhalinin rifahının və xüsusilə də məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həqiqətən, təqdirəlayiqdir. 2007-ci il ərzində məcburi köçkünlərin hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi məqsədi ilə ayrılmış pul da gözəl bir tədbirə xərclənib. Bilirsiniz ki, cənab Prezident aprel ayında Füzuli, Beyləqan, Biləsuvar rayonlarında məcburi köçkünlərin yaşadığı yeni qəsəbələrə səfər etmişdi. Prezident oradan çox razı qayıtmışdı. Cənab Prezidentin gəlişindən hədsiz dərəcədə sevinən seçicilərim onların minnətdarlıqlarını cənab Prezidentə çatdırmağı məndən xahiş etmişdilər.
Digər tərəfdən, burada ərzaq məhsullarının bahalaşması ilə bağlı müəyyən söhbətlər oldu. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Burada, hesabatın ikinci səhifəsində Azərbaycan əhalisinin 4,5 faiz artması göstərilib. İndi bilmirəm, əhalinin artmasına uyğun olaraq kənd təsərrüfatı məhsullarının artması da baş verib, ya verməyib? Onu cənab nazir söyləyə bilər. Bütün dünya üzrə belədir, yəni bu, obyektiv səbəbdir. Dünya əhalisi durmadan artır, amma məhsulların artma tempi əhalinin artma faizinə uyğun gəlirmi? Bu haqda düşünmək lazımdır.
Həmkarım Vahid Əhmədov tamamilə doğru buyurdu ki, bu gün Azərbaycanda soyuducu müəssisələrin tikintisi ləng gedir. Mən bu sahənin mütəxəssisi kimi deyirəm ki, hər il dünyada istehsal olunan ərzaq məhsullarının təxminən 25 faizi məhz soyuducuların gücünün çatmamasından və məhsuldarlığın aşağı olmasından itirilir. Bu, dünya üzrə böyük bir rəqəmdir. Bu da nəzərə alınmalıdır.
Keçən il burada hörmətli maliyyə nazirindən xahiş etmişdim ki, elm və təhsil sahəsində çalışan insanların əməklərini stimullaşdırmaq üçün “Heydər Əliyev” adına mükafat təsis edilsin. Düzdür, ümumi şəkildə belə bir mükafat var, amma mən bu təklifi təhsil və elm sahəsində çalışanlarla bağlı vermişdim. Görkəmli elm adamlarına elmi işlərin məzmununa görə, yaxud da yaxşı dərsliklərin yazılmasına görə belə bir mükafatın təsis edilməsi yaxşı olardı. Xahiş edirəm, bu məsələyə bir daha baxılsın.
Mənim bir təklifim də var. Milli Məclisin bir sıra üzvlərinin elmi dərəcələri var. İstər elmlər namizədlərinin, istərsə də elmlər doktorlarının çalışdıqları yerdə elmi dərəcəyə görə əmək haqlarına əlavələr var. Bunu Milli Məclisin üzvlərinə də aid etmək olar, yoxsa yox?
Büdcəyə olan dəyişikliklərlə bağlı bir neçə fikrimi demək istəyirəm. Hörmətli millət vəkilləri, noyabr ayında 2008-ci ilin dövlət büdcəsi müzakirə ediləndə mən müdafiə xərclərinin artırılmasını müsbət bir hal kimi qeyd etmişdim və bu gün də o fikrimdə qalıram. Nə qədər ki Azərbaycanın ölüm-dirim məsələsi olan Qarabağ problemi həll olunmayıb, hərbi xərclər artırılmalıdır. Azərbaycan xalqına, Azərbaycan Respublikasının Prezidentinə kənardan heç kim təzyiq göstərə bilməz.
Müasir dünyamızda hər bir millətin inkişafı hər şeydən əvvəl onun səhiyyəsinin və təhsilinin səviyyəsi ilə ölçülür. Bu mənada təhsilə və səhiyyəyə əlavə maliyyə vəsaitinin ayrılması təqdirəlayiq haldır. Bu, büdcədə nəzərdə tutulub. Pensiyaların, əmək haqlarının artırılması da nəzərə alınıbdır. Pensiya sistemində bəzi uyğunsuzluqlar vardır ki, bununla bağlı mənə də çoxlu sayda müraciətlər gəlib. Xahiş edirəm, Dövlət Sosial Müdafiə Fondunun sədri...
Sədrlik edən. Sağ olun, Astan müəllim. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Bu gün müzakirə olunan büdcə öz artımları ilə keyfiyyətcə yeni mərhələyə çatıb. Müqayisə üçün qeyd edim ki, Azərbaycanın büdcəsinə gəlir nöqteyi-nəzərindən 3 milyard manatdan artıq vəsait ayrılıb ki, bu, Gürcüstanın ümumi büdcəsindən çoxdur. Xərclər üçün nəzərdə tutulan 2,5 milyard manatdan artıq vəsait isə Ermənistanın ümumi büdcəsini ötübdür. Üst-üstə götürəndə Azərbaycanın büdcəsi 13 milyard ABŞ dollarından yuxarıdır. Deməli, keyfiyyətcə yeni bir büdcə yaranıb, həmin büdcədən səmərəli istifadə edilməsi hökumətin qarşısında duran ən ciddi məsələlərdən biridir.
Hesab edirəm ki, büdcədə beş istiqamət – ölkənin müdafiə qüdrətinin artırılması istiqamətində xərclər, yoxsulluq və işsizliyin azaldılması istiqamətində görülən işlər, inflyasiyanın səngidilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və regional inkişafa dəstək məsələləri əsas götürülməlidir. Birinci məsələ büdcədə xeyli dərəcədə öz əksini tapıbdır və hərbi xərclərə əlavələr olubdur. Azərbaycanın hərbi büdcəsinin 1,3 milyard ABŞ dollarına gəlib çatması həm gizli, həm də açıq formada Ermənistana xeyli köməyin olduğu bir vaxtda çox yaxşıdır. Müqayisə üçün qeyd edək ki, bu, Ermənistanın hərbi büdcəsindən 4 dəfə çox olur. Müdafiə xərclərinin bundan sonra da artırılması vacibdir.
İkinci, yoxsulluq və işsizliyin azalması ilə bağlı iki məqama toxunmaq istəyirəm. Diqqət etsəniz, görərsiniz ki, əməyin ödənilməsi ilə bağlı xərclər əlavələr edilməzdən qabaq 21,9 faiz təşkil edirdi, əlavələr ediləndən sonra 20,1 faizə enib. Bu, bəlkə də ilk baxışdan kiçik bir rəqəm kimi görünür. Deyirik ki, 1,8 faiz nədir, amma onun arxasında 200 milyon manata qədər əlavə vəsait durur. Həmin normativ saxlanılmalıdır. Yəni əməyin ödənilməsi xərcləri 21,9 faiz saxlanılmaqla müəllimlərin, həkimlərin, elmi işçilərin, incəsənət, mədəniyyət sahəsində çalışanların, eyni zamanda, orduda işləyənlərin, həm də mən birbaşa qeyd edirəm, Milli Məclisin Aparatı daxil olmaqla, bütün mərkəzi idarə əməkdaşlarının əmək haqlarının artırılması vacibdir.
Bu büdcədə xeyli dərəcədə əlavə vəsaitin ayrılması, xalqın bilavasitə batmış əmanətlərlə bağlı çoxdan gözlədiyi məsələyə də yol aça bilər. Məlum olduğu kimi, Prezidentin bu istiqamətdə xüsusi sərəncamı var. Həmin sərəncamın nəticəsində Baş nazir başda olmaqla xüsusi komissiya yaradılıb. Hökumətin hesabatı, büdcə müzakirə olunan zamanda da bu məsələ qalxdı. Milli Məclisdə də belə bir komissiya yaradılıbdır. Elə təəssürat yarana bilər ki, bu istiqamətdə işlər görülmür. Mən məlumat vermək istəyirəm ki, batmış əmanətlərin qaytarılmasına dair 7 səhifədən ibarət xüsusi qanun layihəsi hazırlanıbdır. İki gün bundan əvvəl, aprelin 30-da cənab Baş nazirin cavabını da kifayət qədər qənaətbəxş hesab eləmək olar. O, birgə əməkdaşlıq eləməyə hazırdır. Həmin sənəddə cənab nazirin qaldırdığı bir sıra məsələlər öz əksini tapmışdır. Mən bir ay əvvəl Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə iki variant vermişəm. Növbəti variantı yenə də təqdim edirəm. Mənə elə gəlir ki, bu istiqamətdə hökumətlə Milli Məclis birgə fəaliyyət göstərməlidir.
Qeyd etmək istədiyim növbəti məsələ inflyasiya ilə bağlıdır. Əlbəttə, büdcənin bu qədər artması inflyasiya təzyiqini sürətləndirəcəkdir. Həmin təzyiqi minimuma endirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir. Hesab edirəm ki, 2005-ci ildə Prezidentin antiinflyasiya tədbirlərinə dair fərmanla bağlı Nazirlər Kabinetində xüsusi müşavirə, eyni zamanda, monitorinq mütləq keçirilməlidir. Məhsul Azərbaycana neçəyə başa gəlir? Topdansatış qiyməti neçədir və məhsul pərakəndə qiymətlə neçəyə satılır? Əgər bu suallara cavab verilsə, məlum olacaq ki, qiymətlərin bir hissəsi süni surətdə şişirdilir, bir hissəsi isə təbii qaydada artır.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm. Qeyd eləmək istəyirəm ki, öz-özlüyündə Azərbaycanın bir neçə ay bundan əvvəl təsdiq olunmuş büdcəsinə büdcə xərclərinin artırılması istiqamətində dürüstləşmənin edilməsi əlamətdar haldır. Bu onun göstəricisidir ki, Azərbaycanın iqtisadiyyatı kifayət qədər sağlam ayaqlar üzərində qərar tutub və Azərbaycanda iqtisadi inkişafın dinamikası kifayət qədər yüksəkdir. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi həyatında və bütövlükdə ictimai həyatında son bir neçə il ərzində nə qədər böyük dəyişikliklərin baş verdiyindən xəbər verir.
Bir neçə il bundan qabaq Azərbaycanın dövlət büdcəsi tərtib olunarkən zəruri xərclərin ödənilməsi üçün vəsaitlərin tapılması istiqamətində ciddi axtarışlar aparılırdı. İndi isə Azərbaycanın büdcəsində dürüstləşmələr və artımların aparılması üçün 4–5 il bundan əvvəlki Azərbaycan büdcəsinin bütün xərcləri qədər əlavələr edilir. Digər müqayisəni isə məndən əvvəl çıxış edən Əli Məsimli apardı. Bu da çox diqqətəlayiq haldır ki, Azərbaycanın mövcud büdcəsi bizim qonşularımızın birlikdə büdcəsindən xeyli, yəni dəfələrlə ölçülə biləcək qədər artıqdır. Bu da onu göstərir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasətin nəticəsində Azərbaycanın iqtisadiyyatı indi çox yüksək dinamika ilə inkişaf edir. Bu da Azərbaycan əhalisinin həyatında, rifahında əhəmiyyətli dəyişikliklərin aparılması üçün ciddi bünövrə yaradır. Təbiidir ki, bütün bunların hamısı bu gün bizə təqdim olunan layihədə özünün əsaslı əksini tapıbdır.
Məndən əvvəl çıxış eləyənlər Azərbaycanın dövlət büdcəsinə dürüstləşmələrdə nəzərdə tutulan hərbi xərclərin təxminən bu büdcədə nəzərdə tutulduğu qədər, 30 faiz artırılmasını təqdirəlayiq hal hesab edirlər. Düşünürəm ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi istiqamətlər üzrə artımlar bundan sonra da davam edəcəkdir.
Bütünlükdə nəzərdə tutulan proporsiyaları məqbul hesab eləməklə, bir fikrimi də bildirmək istəyirəm. Prezident İlham Əliyev dəfələrlə Azərbaycana daxil olan və iqtisadiyyatımızın inkişafına ciddi dəstək verən mülk kapitalının insan kapitalına, intellektual kapitala çevrilməsinin vacibliyini vurğulayıbdır. Azərbaycanın uzun perspektivli inkişafının ciddi dayaqlarından biri də ölkədə elmin, təhsilin inkişafı ilə əlaqədardır. Digər sərvətlərin nə qədər olmasından asılı olmayaraq, elmə, təhsilə qoyulan vəsait Azərbaycanın gələcəyinə, gələcək nəsillərinin rifahının təmin edilməsinə xidmət edir.
Əlbəttə, bu dəfə artıq dürüstləşmələr nəzərdə tutulubdur. Bundan sonrakı dürüstləşmələr, büdcə proqnozları hazırlanarkən elmin, təhsilin, səhiyyənin inkişafına Azərbaycanın dövlət büdcəsində ayrılan vəsaitlər əhəmiyyətli dərəcədə çox nəzərdə tutulmalıdır. Bu fikrimi əsaslandırmaq üçün burada bir sıra rəqəmləri bildirmək istəyirəm. Azərbaycanda təhsilin inkişafına bu dürüstləşmə əsasında artım 14 faiz, səhiyyənin inkişafına 16 faiz, elmin inkişafına 11 faiz nəzərdə tutulur. Mən hesab edirəm ki, bütövlükdə Azərbaycanın gələcək inkişafının, onun uzun perspektivli taleyinin təmin edilməsi baxımından bu proporsiyanın əhəmiyyətli dərəcədə dəqiqləşdirilməsinə ehtiyac var.
Mən, eyni zamanda, əhalinin gəlirlərinin bu dürüstləşmə ilə əlaqədar artım tempinin də bütövlükdə büdcəyə edilən düzəlişlərin həcminə nisbətdə geri qaldığını vurğulamaq istəyirəm. Bu, təbii ki, bir sıra obyektiv səbəblərlə əlaqədar ölkədə müşahidə olunan inflyasiyanın fonunda insanların rifahının yaxşılaşdırılması istiqamətində hökumətimizin həyata keçirdiyi siyasətin bəzi parametrlərində müəyyən dərəcədə dəyişiklik edilməsinə ehtiyac yarandığını göstərir. Bütövlükdə hesab edirəm ki, bu dürüstləşmələr Azərbaycanda həm iqtisadiyyatın inkişafına təkan verəcək, həm də insanların rifahının yaxşılaşmasına səbəb olacaqdır. Düşünürəm ki, bizim millət vəkillərimiz məmnuniyyətlə bu dürüstləşmənin qəbul olunmasına səs verəcəklər.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli. Yoxdur? Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Dövlət büdcəsi ölkə iqtisadiyyatının və maliyyə fəaliyyətinin əsas qanunu olmaqla iqtisadi, sosial və siyasi sahələrdə mövcud məsələlərin həllində xüsusi rol oynayır.
Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə təqdim olunması həm bu sahədə şəffaflığın mövcudluğunun, həm də parlamentin fəaliyyət istiqamətlərindən biri olan nəzarət funksiyasının dövlət büdcəsinin icrası ilə bağlı olaraq həyata keçirilməsinin əyanı göstəricisidir. Müxtəlif rəqəmlərin öz ifadəsini tapdığı bu qanun layihəsi ölkəmizin iqtisadi durumu və perspektivləri barədə birmənalı fikir söyləməyə kifayət qədər əsas verir. Həmin fikri qısaca olaraq belə söyləmək olar: “Ölkəmiz iqtisadi yüksəliş yolundadır və bu yolda inamla addımlamaqdadır”.
Ölkənin iqtisadi potensialı və qüdrəti onun xarici və daxili siyasətini müəyyənləşdirən, bu siyasətin aparılmasına əhəmiyyətli təsir edən amillərdən birincisidir. Yalnız qüdrətli iqtisadiyyata malik olmaqla biz öz iradəmizi lazımi səviyyələrdə inamla ifadə edə bilərik. Bu baxımdan yanaşdıqda bu gün müzakirə etdiyimiz 2007-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin və “2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərin strateji əhəmiyyətini vurğulamaq hamımızın borcudur.
Birinci məsələnin təhlili onu göstərir ki, 2003-cü ildən başlayaraq iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində dövlət strategiyasının müəyyən edilməsi və həyata keçirilməsinin nəticəsində makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsinə, investisiya mühitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunun, regionların davamlı inkişafına, yeni iş yerlərinin açılmasına və ölkəmizin dünya iqtisadi sisteminə daha dərindən inteqrasiyasına nail olmuşuq. 2007-ci ildə ümumi daxili məhsulun real artım tempi 2006-cı illə müqayisədə 25 faiz, onun adambaşına düşən həcmi isə 23,6 faiz artmışdır.
Son bir neçə ildə Azərbaycanın maliyyə sahəsindəki mövcud mövqeyinin daha da möhkəmləndirilməsi sahəsində aparılan işlər 2007-ci ildə davam etdirilmişdir. Əhalinin sayının 4,5 faiz artması şəraitində 2007-ci ilin sonuna yoxsulluğun səviyyəsi 2003-cü ilə nisbətən 2,8 dəfə azalmışdır. Minimum aylıq əmək haqqının artırılması, əmək pensiyalarının baza hissəsinin 50 manata çatdırılması, elm, təhsil, səhiyyə, sosial təminat sahələrində çalışanların və dövlət qulluqçularının əmək haqlarının orta hesabla 25 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışan işçilərin əmək haqlarının 50 faiz artırılması mühüm tədbirlər kimi qiymətləndirilməlidir.
Hörmətli millət vəkilləri! Büdcə haqqında çox danışmaq olar, lakin mən sizin vaxtınızı çox almaq istəmirəm. Hal-hazırda müzakirə etdiyimiz və sonuncu məsələ ilə birbaşa əlaqədar olan bir sıra sosial yönümlü təkliflərimi sizin diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, sovet hakimiyyəti dövründə sənayenin bir çox sahələrində, məsələn, zəhərli istehsal müəssisələrində çalışanlar pensiyaya çıxdıqdan sonra bu gün daha az miqdarda pensiya alırlar. Eyni fikri təhsil, səhiyyə sahəsində çalışanlarla da əlaqədar dilə gətirmək istəyirəm. Həmin dövrdə mövcud iqtisadi sistem çərçivəsində aldıqları pensiyanın məbləği onlar üçün yetərli hesab oluna bilərdi. Pensiyaların bu gün mövcud qaydalarla hesablanmış məbləği isə, indiki iqtisadi reallıqlar nəzərə alınmaqla, o dövrdə alınan pensiya məbləğinin dəyərini ifadə etmir. Şübhəsiz ki, bu hal sosial ədalətsizliyə səbəb olmaya bilməz. Həmin şəxslərin sayı, gəlin, nəzərə alaq ki, bu gün o qədər də çox deyil. Belə düşünürəm ki, pensiya məbləğinin ədalətli miqdarda artırılması bu qəbildən olan vətəndaşlarımızın sosial rifahına xidmət edən mühüm tədbirlərdən biri kimi səlahiyyətli dövlət orqanlarımızın qarşısında duran vəzifəyə çevrilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən İqbal bəyin dediyi faktı rəqəmlərlə bağlı bildirmək istəyirəm. Hörmətli Milli Məclis və bizi dinləyən digər şəxslər! Bunun səbəbi odur ki, burada haqq-hesab itib və yaxud itirilib. Sadəcə olaraq, Prezidentin imzası ilə gələn sənəddə də açıq-aydın ziddiyyətli, reallıq bir tərəfə qalsın, konkret rəqəmlərlə uyğun gəlməyən faktlar meydana çıxır.
Biz bir qrup deputatla birlikdə dövlət büdcəsinin xərclərinin tədqiqatının aparılması və konkret olaraq investisiya xərcləri deyilən xərclərin yoxlanılması və ümumiləşdirilməsi üçün komissiya yaradılması haqqında razılığa gəlmişik. Belə bir təşəbbüs vardır və bu gün-sabah onun tərkibini də müəyyənləşdirəcəyik. Millətimizi və o cümlədən burada iştirak edən mətbuat nümayəndələrini əmin edirik ki, İqbal Ağazadənin söylədiyi, indi komissiyanın əlində olan materiallar deyiləcək faktların içərisində bəlkə də ən günahsız görünənidir.
Dəhşətli bir proses gedir. Açıq-aydın, ağına-bozuna baxmadan neft gəlirlərindən formalaşdırılan dövlət büdcəsinin mənimsənilməsi və talan olunması hadisəsi baş verir. Konkret olaraq müzakirə olunan gündəlik məsələ barədə. Yeri gəlmişkən, dövlət məmurları büdcə oğurluğu ilə məşğuldurlarsa, hörmətli sədarət, yəni Milli Məclisin bu iclasını aparan sədarət də deputatların çıxış, vaxtlarını oğurlamaqla məşğuldurlar. Ən azı iki dəfə oğurlayıblar ki, bu da büdcə oğurluğu ilə mütənasib gəlir.
Konkret olaraq bu qanun layihəsi barədə bir neçə fikrimi bildirmək istəyirəm. Qanun layihəsinin özü büdcə sistemi haqqındakı qanuna ziddir. Əgər “Büdcə sistemi haqqında” Qanunun 2-ci maddəsinə kim baxıbsa, orada yazılıb ki, yalnız büdcənin xərcləri və gəlirləri arasında tənasübün pozulması təhlükəsi yarandığı halda büdcəyə yenidən baxıla bilər. Hazırda hamımıza aydındır ki, belə bir təhlükə ortalıqda yoxdur. Bu, hətta bir diskussiya aparılmalı məsələ də deyil. Prinsipcə məsələnin müzakirəsinin Milli Məclis qarşısında qaldırılması da hüquqi baxımdan qanunsuzdur.
İkincisi, əvvəllər də dediyim kimi, büdcənin qeyri-şəffaflığı korrupsiya yönümlüyünün daha da artmasına səbəb olmuşdur və ikinci bir qanunsuzluq meydana gəlmişdir. Təxminən 1 milyard 600 milyonluq tikinti xərclərinin təsnifatı verilməmişdir. Ümumiyyətlə, bu vəsaitin hara xərclənəcəyi məlum deyildir. Şəxsən məndə və bir sıra müxalifət nümayəndələrində bu məsələlər barədə yaranan ehtimal ondan ibarətdir ki, təyinatı, təsnifatı göstərilmədiyinə görə, ola bilsin, bundan Prezident seçkiləri dövründə seçicilərin ələ alınması, yəni Azərbaycan xalqına və bəzi seçicilərə rüşvət verilməsi üçün istifadə edilə bilər. Mən güman etmirəm ki, Azərbaycan xalqını rüşvətlə ələ alıb siyasi iradəsini təhrif etmək mümkün olacaqdır.
Üçüncü məsələ. Bu, nəinki qanunsuz, hətta korrupsiya yönümlü qeyri-şəffaf büdcə layihəsidir. Bu, həm də antihumanist və insan əleyhinə olan bir qanun layihəsidir. Ona görə ki, bu qanunun qəbul olunması nəticəsində büdcədə sosial yönümlü xərclərin sayı ilk dəfə olaraq son illərdə xüsusi çəkidə 20,2 faizə qədər azalmışdır. Təsəvvür edin ki, büdcəyə Dövlət Neft Fondundan 3 dəfə daxilolmaların olmasına baxmayaraq, bunların böyük bir hissəsinin investisiya xərcləri adı altında digər sahələrə yönəldilməsi olduqca ciddi inflyasiya təzyiqi, iqtisadi gərginlik yaradacaqdır. Ən azı, seçki gününədək bunun yumşaldılması üçün konkret tətbiqedici tədbirlər görülməsi də nəzərdə tutulmur. Burada istehsal səbətinin dəyəri, ehtiyac meyarı adlanan göstərici, minimum əmək haqqı və pensiyaların dərəcəsi baxımından əhəmiyyətli bir artım da yoxdur.
Bir daha təkrar edirəm, bu, açıq-aydın Azərbaycan xalqına məxsus olan sərvətin və Azərbaycan xalqının özünə, – çünki bahalıq son dərəcə artıbdır, – əhaliyə verilən maaşın, pensiyanın, müavinətin və onların halal yolla zəhmətləri, fəaliyyəti nəticəsində qazandıqları gəlirlərin də əldən çıxmasına, qiymətdən düşməsinə, insanların böyük bir hissəsinin kasıblaşmasına səbəb olur. Son nəticədə biz bunu xalqın və vətəndaşın qarət olunmuş büdcəsi kimi də xarakterizə edə bilərik. Bunun nəticəsini, inşallah, gələn il bu vaxt, bu məsələnin müzakirəsi zamanı daha konkret və predmetli şəkildə araşdıracağıq. Mən indidən nə olacağı barədə sizə xəbərdarlıq edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah Hüseyn, nəzərinizə çatdırım ki, Siz mitinqdə deyilsiniz. Prezident seçkiləri oktyabr ayında olacaq. Ona görə də mənasız, keyfiyyətsiz söz-söhbətləri yığışdırın. 1992-ci ildən bu sözləri deyirsiniz. 1992-ci ildə sizin yaratdığınız büdcədə siçanlar oynayırdı, amma bu il artıq bizim 14 milyard manatlıq büdcəmiz var. Azərbaycanın inkişafını bütün dünya görür, amma siz burada oturub ağzınıza gələn mənasız söhbətləri edirsiniz. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş nazirlər, nazir müavinləri, komitə sədrləri, şirkət sədrləri və qonaqlar! Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 4 il yarımlıq fəaliyyəti dövründə imzaladığı fərman və sərəncamlarla qəbul etdiyi praqmatik qərarlar nəticəsində ölkənin bütün sahələrində dinamik inkişaf təmin edilmiş, seçkiqabağı verdiyi vədlər əməli fəaliyyəti ilə reallaşmışdır.
Ölkəmizdə demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması, sosial-iqtisadi, o cümlədən qadın, uşaq və ekoloji problemlərin həlli, turizmin genişlənməsi, sülhün və əmin-amanlığın, səhiyyənin davamlı inkişafı üçün hər cür şərait yaradılmışdır. Ölkə Prezidentinin “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla həyata keçirilməsi, təhsil sisteminin yenidən qurulması üçün bütün imkanlar səfərbər edilibdir. Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında sərəncam imzalanıbdır.
Mədəniyyətə, təhsilə göstərilən qayğını millətin gələcəyinə göstərilən qayğı kimi qiymətləndirən cənab İlham Əliyevin prezidentliyi dövründə 1200-dən çox məktəb tikilərək istifadəyə verilibdir. Bu qayğının nəticəsidir ki, dünyanın aparıcı universitetlərində orta məktəblərimizi bitirmiş 3 mindən çox gənc yüksək göstəricilərlə təhsil alır. Bu sahədə beynəlxalq əlaqələrimiz getdikcə artır. Hazırda Azərbaycanın ali məktəblərində 41 ölkədən 3438 əcnəbi təhsil alır. Azərbaycan gənclərinin ümumbəşəri dəyərləri əsasında layiqli təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyin artırılması təmin edilir. 2015-ci ilədək 5 minə yaxın gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə edəcəkdir.
Milli-mənəvi dəyərlərimizi layiqincə qiymətləndirən Prezidentimizin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəzərlərin həyata keçirilməsi haqqında” imzaladığı sərəncamlar öz ictimai əhəmiyyətinə görə əvəzsizdir.
Hörmətli millət vəkilləri, növbəti ilin dövlət və icmal büdcə layihələri Milli Məclisin müzakirəsinə vaxtında təqdim edilmişdir. Təcrübə göstərir ki, bu layihələr yüksək peşəkarlıqla hazırlanmışdır. Bu işdə böyük əməyi olan Maliyyə Nazirliyinə və büdcə prosesində iştirak edən digər təşkilatlara təşəkkürümü bildirirəm. Bu gün dövlət büdcəsinin çox uğurlu icrası artıq təmin olunur. Göründüyü kimi, növbəti ildə də ortamüddətli perspektivdə iqtisadi islahatın prioritet istiqamətləri qeyri-neft sektoru üzrə büdcə gəlirlərini artırmaq, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına, o cümlədən sahibkarlığın və regionların inkişafına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına yönəldilməsi olacaqdır.
2008-ci il üçün dövlət büdcəsinin xərcləri 8,5 milyard manat olur ki, bu da 2007-ci ilə nisbətən 34,7 faiz çoxdur. Büdcədə həm elm, həm də təhsil sahələrində əmək haqlarının artımı üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur. Bu, nədənsə gecikir. Burada çıxış edən deputatlar da bu məsələni qeyd etdilər. Mən əlaqədar şəxslərdən və büdcə layihəsinə nəzarət edən bütün orqanlardan, bütün təşkilatlardan xahiş edərdim ki, dövlət büdcəsinin icrası zamanı bu məsələ sürətlə reallaşdırılsın.
Hörmətli millət vəkilləri! Hər gün təxminən 330-dan çox Azərbaycan vətəndaşı doğulur. Vətəndaşlarımızın 2 milyon yarımdan çoxu 18–34 yaşlarında olan gənclərdir. Möhtərəm Prezidentimiz İlham Əliyev dövlətin gənclər siyasətinə də xüsusi önəm verir.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Təbii ki, indi müzakirə olunan büdcəyə əlavə və dəyişikliklərlə bağlı sənədlər dünyada neftin qiymətinin artması ilə bağlıdır. Əvvəla, öncədən onu deyim ki, büdcə ilə bağlı burada deyilən fikirlərdə müxalifət düşərgəsindən olan həmkarlarımın, o cümlədən Pənah Hüseynin fikirlərini yüzə yüz bölüşürəm. Ona qarşı olan sərt münasibəti də qətiyyən qəbul etmirəm. Bu dəyişikliklər əgər qəbul olunarsa, 2008-ci ilin dövlət büdcəsinin 60 faizə qədərini neft sektorundan birbaşa daxilolmalar təşkil edəcək. Yerdə qalan vəsaitin 15 faizini Dövlət Gömrük Komitəsindən daxilolmalar və sair daxilolmalar təşkil edəndə, məlum olur ki, qeyri-neft sektorunun büdcədə payı cəmi 25 faizdir. Məbləğ də 2,5 milyard manat təşkil edir. Deməli, bizim büdcə vasitəsi ilə xərclədiyimiz pulların böyük bir hissəsi neft pullarıdır. Bəs sabah neft olmayanda onun yaratdığı boşluğu nəyin hesabına dolduracağıq?
Sizə kim haqq verib, hörmətli hökumət üzvləri, indiki nəslin pulunu ədalətsiz şəkildə bölüşdürəsiniz? Hələ bu azmış kimi gələcək nəsillərin də pulunu yeyib, onlara yalnız problemlər miras qoyasınız? Büdcədə edilən dəyişikliklər nəticəsində 2008-ci ilin büdcə gəlirləri 3,1 milyard manat və ya əvvəlki ilin icra büdcəsi ilə müqayisədə 75 faiz artacaqdır. Beləliklə, büdcə gəlirlərinin artım tempi ümumi daxili məhsulun göstərilən artım tempini ən azı 2,5 dəfədən çox üstələyəcək ki, bu da iqtisadiyyatda inflyasiya riskini yüksəldən amil sayılır.
Hazırda cəmiyyətdə inflyasiya gözləntilərinin yüksək olduğu bir zamanda eyni qiymət bahalaşmasına rəvac vermək və onun səviyyəsini artırmaq sonda nəinki büdcə gəlirlərinin, eləcə də əhalinin qazanclarının dəyərsizləşməsinə gətirib çıxarmayacaqmı? Axı, qiymət bahalaşması daha çox yoxsulların yaşayışını pisləşdirir, yoxsulluqdan təcrid olmaq imkanlarını məhdudlaşdırır və siz də bunu bilməmiş deyilsiniz. Biz bunu bilə-bilə nədən onlara rəvac verməli və parlament üzvləri olaraq hökumətin məsuliyyətsiz qərarlarının məsuliyyətini bölüşməliyik? Ona görə də mən həmkarlarımı bu ağır və taleyüklü məsuliyyətdən pay götürməməyə çağırıram.
Hansı əsaslandırmalarla artan büdcə gəlirlərinin yarısından çoxu, təxminən 1,5 milyard manatı tikinti məsrəfləri üçün sənaye, tikinti, faydalı qazıntılar bölməsinə, ən azı, cəmi 18 milyon manatı isə hazırda ağır vəziyyətdə olan və bütün dünyanın həyəcan təbili çaldığı ərzağın bahalaşmasına rəvac verən kənd təsərrüfatına ayrılır? Bəlkə buğda, arpa tikintidə istehsal olunur, bizim xəbərimiz yoxdur? Əgər tikintiyə bu sənəddə nəzərdə tutulan qədər pay düşsə, onda həmin bölmənin ümumi büdcə xərclərindəki payı 40 faizə çatacaq. Məgər ölkədə bu xərcləri reallaşdırmaq üçün texniki, fiziki material, kadr potensialı mövcuddurmu?
Bu gün bütün bunların nəticəsi olaraq bir tərəfdən tikinti materiallarının qiyməti günü-gündən bahalaşır, yerli materiallar isə sürətlə tükənir. Bu bazar da getdikcə idxaldan asılı vəziyyətə düşür. Dünən, dediklərimin sübutu kimi, təkcə sementin qiyməti 20 faiz bahalaşdı. Yəqin ki, televizordan, mətbuatdan bunu oxudunuz. Digər tərəfdən də, artmaqda olan büdcə vəsaitlərinin, əslində, heç bir texniki iqtisadi əsaslandırması olmayan, smeta dəyəri müəyyənləşdirilməyən icraçıları tender əsasında seçilməyən, dəyəri şişirdildiyindən səmərəliliyi şübhə doğuran, şəffaflığı təmin olunmayan bu cür tikinti layihələrinə yönəldilməsi cəmiyyətdə ciddi narahatlıq doğurur, ölkənin korrupsiya reytinqini daha da pisləşdirir.
Büdcədə dəyişikliklər edilməsi praktikası, əslində, ayrı-ayrı hakimiyyət orqanlarının büdcə prosesi ilə bağlı qərarlar qəbul etməsi prosesində mövcud olan qüsurlarını bir daha nümayiş etdirir. Əlavə vəsaitin həcminin müəyyənləşməsi və bu vəsaitin büdcənin ayrı-ayrı xərc istiqamətində bölüşdürülməsi, əsasən, hökumətin səlahiyyət dairəsinə alması ilə davam edir. Parlamentin bu prosesə hər hansı bir formada müdaxiləsi isə arzu olaraq qalır. Bu, parlament, qanunlar vasitəsi ilə həyata keçirilməlidir.
Bizim istəyimiz nə idi? Biz istəyirdik ki, büdcə artımından əmanətlərin qaytarılmasına vəsait ayrılsın. Bu, baş vermədi. Hələ izahat verilirdi ki, bu məsələlər davam edir, gedir. Bu, artıq bu il də baş vermirsə, gələn il nə baş verəcək, verməyəcək, bu da sual altındadır. Biz istəyirik ki, büdcədən ipoteka kreditləşməsinə vəsait ayrılsın ki, kredit faiz dərəcələri güzəştli olsun. Bu da baş vermədi. Biz istəyirdik ki, büdcədən bələdiyyələrə ayrılan dotasiyalar artırılsın. Bu da baş vermədi. Biz istəyirdik ki, məcburi köçkünlərə, sanatoriyalara, xəstəxanalara natural formada ayrılan ərzaq yardımı üçün...
Sədrlik edən. Çox sağ olun. Hörmətli Arzu Səmədbəyli, biz həmkarıq. Siz həm də müxalif həmkarsınız. Mən həmişə arzu etmişəm ki, müxalif həmkarlar, heç olmasa, iqtisadi nəzəriyyə ilə çıxış etsinlər, populist çıxış etməsinlər. Yenə neftdən, yenə əmanətlərdən danışırsınız. Bir fikrinizi də iqtisadi analizlə əsaslandırmırsınız. Üzr istəyirəm, çıxışınızda iqtisadi analizin heç 10 faizi də görünmür. Mən özüm millət vəkili olduğum üçün istəyirəm ki, həmkarlarım çıxış edəndə, bir faktı analiz edib deyəndə hökumətin də cavabı ona bir az uyğun gəlsin, sanballı olsun.
Mən də bu salonda millət vəkili kimi oturmuşam. Bir çıxışa 1 həftə hazırlaşırdım, sonra çıxış etmək istəyirdim. Mən sənə öz fikrimi deyirəm, əgər ayrıca fikrin olsa, mənimlə danışarsan. Mənim xahişim odur ki, populist çıxışlardan kənara çəkilək.
Neftin qiyməti artır, çox gözəl. Nigeriyanın nefti bizdən 4 dəfə çoxdur. Nigeriyada inkişaf yoxdur? Niyə deyirsən neftin qiyməti artmaqla Azərbaycan heç nəyi ortaya qoymur? Azərbaycanın Neft Fondu yaranıb, hamıya misal çəkilir və ən şəffaf neft fondudur, büdcənin formalaşmasında da iştirak edir. Bəs biz burada nə edirik? Sən sanballı bir faktla danışa bilməzdin? Qayıdıb deyirsiniz ki, milyard yarım pul dağıldı, satıldı. Belə olmaz. Bu hesablama iclas üçün deyil. Millət vəkilləri ilə qanun layihəsini müzakirə edirik. Sanballı arqumentlərlə danışaq da. Mən istədiyin faktı hazıram səninlə araşdırmağa, onu sübut etməyə. Təəssüf ki, dediyin faktlar bir fakt deyil. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar və hökumət üzvləri! Hər il olduğu kimi, bu il də büdcə gəlirlərinin dinamik artımı büdcə proqnozlarına dəyişiklik olunmasını zəruri etmişdir. Xarici ölkələrə satılan neftin və digər enerji daşıyıcılarının sürətli qiymət artımı və ölkə iqtisadiyyatının günü-gündən vüsət alması büdcə gəlirləri və xərclərinin dəyişdirilməsini tələb edir. Layihənin ilk rəqəmləri – dövlət büdcəsinin gəlirləri və xərcləri ilə tanış olduqda ölkəmizin iqtisadi qüdrətinin son 3-4 il ərzində nə qədər böyük sürətlə artdığının şahidi oluruq.
Cəmi 4 ay bundan əvvəl 2008-ci il dövlət büdcəsinin gəlirləri 7 milyard 392,5 milyon manat, xərcləri isə 8 milyard 518,9 milyon manat təsdiq edilmişdir. Təqdim edilən layihədə bu göstəricilər müvafiq olaraq 10 milyard 484 milyon manat və 11 milyard 60,6 milyon manat, o cümlədən artım gəlirləri üzrə 41,8 faiz, xərclər üzrə isə 29,8 faizdir. Büdcə gəlirlərinin artmasında neft sektorundan daxil olan gəlirləri Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin apardığı müsbət işlərin nəticəsi kimi qeyd etmək istərdim. 2008-ci ildə əldə edilən gəlirlərin sürətli artımı müşahidə olunur. Bunlara əsasən funksional və iqtisadi təsnifata uyğun olaraq xərclərin də bütün bölmələr üzrə artırılması nəzərdə tutulmuşdur.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi bölməsində də 18,6 milyon manat artım nəzərdə tutulmuşdur. Bu artımın 99 faizi, yəni 18,4 milyon manatı yalnız kənd təsərrüfatı bölməsi üzrədir. Onun da, əsasən, kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsini təmin etmək üçün əmək haqqı fondunun artımına və meliorasiya tədbirlərinə yönəldilməsi nəzərdə tutulur.
Bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Məlumdur ki, hörmətli Prezidentimiz 2008-ci il 22 aprel tarixli “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında fərman imzalamışdır. Həmin fərmana uyğun olaraq dövlət taxıl ehtiyatlarının formalaşdırılması, istehlakçıların taxıl məhsullarına tələbatının ödənilməsi, lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısının alınması məqsədi ilə respublikamızın müvafiq icra hakimiyyəti orqanlarına konkret göstərişlər verilmişdir. Nəzərə alsaq ki, dövlət ehtiyat fondunun yaradılması və saxlanması xərcləri dövlət büdcəsindən maliyyələşdiriləcəkdir, onda bu məqsəd üçün müvafiq məbləğdə dövlət büdcəsi vəsaitinin ayrılmasına ehtiyac vardır. Bizə təqdim edilən layihədə məlumat olmadığına görə bu barədə lazımi izahat verilməsini xahiş edirəm.
Artıq iyun ayında taxıl yığımı mövsümü başlayır və lazımi hazırlıq işləri görülməlidir ki, bu ilin yerli məhsulundan dövlət taxıl fondu ehtiyatı yaratmaq mümkün olsun və taxılla təminatda çətinlik yaranmasın. Çörək məhsullarının qiymətinin stabilləşdirilməsi üçün Nazirlər Kabinetinin “Əlavə dəyər vergisindən, gömrük rüsumundan azad olunan buğda və buğda unu haqqında” Qərarını müsbət qarşılayıram. Bu qərar, əlbəttə, bizim qiymətlərin sabitləşməsinə öz köməyini göstərəcəkdir.
Hörmətli maliyyə nazirimiz Naxçıvan Muxtar Respublikası ilə əlaqədar subsidiyanı artırdığını dedi. Mən fürsətdən istifadə edib, böyük diqqət və qayğı göstərdiyi üçün Naxçıvandan seçilən deputat kimi ona öz minnətdarlığımı bildirirəm.
Hörmətli Oqtay müəllim, bizim deputat həmkarlarımız burada kənd təsərrüfatı ilə əlaqədar mübahisəli məsələlər olduğunu deyirlər. Bəlkə də çoxlarının statistik rəqəmlərdən xəbərləri yoxdur, ancaq danışırlar. İstərdim, bu məsələlərə qısaca aydınlıq gətirim. Əvvəla, bizim respublikamızda, hörmətli həmkarım İqbal Ağazadə demişkən, 1 milyon 670 min hektar xüsusi mülkiyyətə ayrılan torpaq vardır. Bu o demək deyil ki, 1 milyon 670 min hektar torpağın hamısında ancaq taxıl əkilir. Yox, belə deyil. Bunun 95,7 min hektarı çoxillik bitki əkini, 78,2 min hektarı biçənək, 202 min hektarı həyətyanı sahə üçün nəzərdə tutulub. Yerdə 1 milyon 271 min hektar torpaq qalır. 1 milyon 271 min hektar torpağın 846 min hektarında taxıl əkilir. Onun da 607 min hektarından götürülən məhsul təmiz buğdadır. Əgər bir norma üzrə hər adambaşına düşən çörəyə sərf edilən buğdanı hesablasaq, çörək bişirməyə hər ayda 129 min ton buğda ayrılmalıdır. Bununla insanlar özlərini təmin edə bilərlər. Ümumilikdə götürəndə, bizim birillik təminatımıza 1 milyon 530 min ton buğda kifayət edir. Mən istərdim ki, bu rəqəmləri hörmətli həmkarlarım bilsinlər.
Sədrlik edən. Çox sağ olun, Eldar müəllim. Eldar Quliyev.
E. Quliyev. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq biz hər il büdcə proqnozlarının icra vəziyyətini müzakirə edib onu təsdiqləyirik. Bu gün də hörmətli Prezidentimiz cənab İlham Əliyevin imzası ilə “Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsinin icrası haqqında” və “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər edilməsi haqqında qanun layihələri Milli Məclisin müzakirəsinə verilmişdir. Həmkarımız, İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad müəllim, eləcə də hörmətli maliyyə nazirimiz Samir Şərifov bu barədə ətraflı məlumat verdilər.
Mən 2007-ci ilin dövlət büdcəsinin icrası üzərində dayanmaq istəmirəm. Deyildiyi kimi, iki ay öncə biz bunu müzakirə etdik və Milli Məclis tərəfindən təsdiq olundu. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər haqqında fikrimi bir neçə kəlmə ilə demək istəyirəm.
85 illik yubileyini qeyd etməyə hazırlaşdığımız ulu öndər Heydər Əliyevin neft strategiyası artıq bir neçə ildir ki, öz müsbət nəticəsini göstərir. Ölkəmizə böyük neft gəlirləri daxil olur və onların məbləği sonrakı illərdə daha da artacaqdır. Bu vəsaitin düzgün və vaxtında xərclənməsini təmin etmək əlaqədar qurumların qarşısında duran ən vacib məsələlərdən biridir. Lakin keçən ilin yekunları göstərir ki, bir çox təşkilatlar artan büdcə vəsaitini vaxtında xərcləməyə hələ hazır deyillər. 13 funksional bölmənin heç biri büdcə xərcləri proqramlarını yerinə yetirməmişdir. Belə bir vəziyyətin yaranması onu deməyə əsas verir ki, büdcədən maliyyələşən bir çox təşkilatın nəzərdə tutulan vəsaitləri vaxtında və tam təyinatı üzrə xərclənmir. Bunun üçün işlək mexanizmlər hələ hazır vəziyyətdə deyildir. Görünür, əvvəlki illərdə büdcə vəsaitinin aşağı olması və yaxud da çatışmaması bu təşkilatlarda arxayınçılıq yaratmış və onlar lazımi tədbirləri görməmişlər.
Bu məsələ ilə əlaqədar ölkənin başçısı Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında çox düzgün olaraq belə demişdir: “İndi bizim maliyyə imkanlarımız var, sadəcə olaraq, yaxşı proqramlar, layihələr hazırlanmalıdır və biz onlara vəsait ayırmalıyıq”. Göründüyü kimi, büdcə təşkilatları indi vəsaitin azlığından və yaxud da çatışmazlığından narahat olmamalı, ayrılan vəsaitin tam və vaxtında xərclənməsini təmin etməlidirlər. Bununla əlaqədar aqrar sahənin inkişafı üçün geniş imkanlar yaranmışdır.
Kənd təsərrüfatının yüksək sürətlə inkişaf etdirilməsi dünyada ərzaq qıtlığı təhlükəsinin yarandığı indiki vaxtda böyük aktuallıq kəsb edir. İlk növbədə taxıl məhsulları istehsalının artırılması zərurəti meydana çıxmışdır. Nəzərə almaq lazımdır ki, taxıl yalnız çörək və un demək deyil. Taxıl ölkəmizin ərzaq təhlükəsizliyi təminatının vacib elementi kimi də yüksək qiymətləndirilməlidir. Belə ki, taxıl məhsulları istehsalının artırılması həm də ət, süd, yumurta və digər məhsulların bolluğunu yaratmaq deməkdir.
“Toxumçuluq haqqında” Qanun qəbul olunsa da, toxumla təminat hələ lazımi səviyyədə deyildir. Hesab edirəm ki, hökumət taxılçılığa ayrılan subsidiyaların dəyərini bir qədər artırmalıdır. Bu, ilk vaxtlar məhsulun maya dəyərini bir qədər artıra bilər, ancaq stimullaşdırma sonrakı illərdə məhsulun əhəmiyyətli artımını təmin edəcək və maya dəyərinin aşağı salınmasına səbəb olacaqdır. Respublikamızın hələ sovet dövründə özünü taxılla təmin etməməsi barədə fikirlər söylənilirdi. Lakin nəzərə almaq lazımdır ki, o vaxt bölgülər var idi. Biz strateji məhsul olan pambıq və digər məhsullar istehsal edib başqa respublikalara göndərir, onun əvəzində isə Rusiya, Ukrayna və Qazaxıstandan taxıl alırdıq. İndi isə bu sahəni özümüz genişləndirməliyik. Taxılla təminatın əhəmiyyətliliyini düzgün qiymətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev Taxıl Fondunun yaradılması haqqında sərəncam imzalayıbdır. Bu sahəyə rəhbərlik Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir. Bu addımı alqışlamaqla yanaşı, hesab edirəm ki, müvafiq strukturlar həmin məsələdə nazirliyə lazımi kömək göstərməlidirlər. Ulu öndərimiz Heydər Əliyev iqtisadi islahatların əsasını qoydu, eyni zamanda, onun rəhbərliyi altında torpaq islahatı həyata keçirildi, torpaqlar paylandı.
Ölkəmizdə əkinə yararlı 4 milyard kvadratmetr əkin sahəsi vardır. Təəssüf ki, paylanmış əkinə yararlı torpaqlardan səmərəli istifadə olunmur. Bəzi yerlərdə, ümumiyyətlə, kənd təsərrüfatı ilə məşğul olmurlar. Bir sıra rayonlarda bələdiyyələr icra orqanları ilə razılaşaraq əkinə yararlı olan torpaqları 99 il müddətinə icarəyə verirlər. İcarə torpaqlarından əkin üçün istifadə etmək barədə öhdəçilik götürülsə də, ona heç kim nəzarət etmir. Belə öhdəliklər kağız üzərində qalır.
Sədrlik edən. Vasif müəllim səhərdən suala yazılıbdır. O, qoy sualını versin, sonra hökumət üzvlərinə imkan verək ki, suallara cavab versinlər. Buyurun, Vasif müəllim.
V. Əliyev. Bir qısa məlumatı istərdim deputat həmkarlarımın nəzərinə çatdırım. Neft gəlirləri ilə əlaqədar olaraq bəzi deputat həmkarlarım deyirlər ki, sabah o da olmasa neyləyəcəyik? Nəzərinizə çatdırıram ki, hörmətli dostlar, Azərbaycan Respublikasının kəşfiyyatda olan yataqlarından hasil ediləcək neft, qaz hələ yaxın 100 ildə də xalqı təmin edəcəkdir. Üstəlik ixrac olunmaq üçün də kifayət qədər neft məhsulları olacaq. Bu sahədən yığılan gəlir Neft Fondunda toplanır, ondan çox şəffaf, yalnız xalqın güzəranının yaxşılaşdırılması üçün istifadə edilir. Respublikanın Prezidenti tərəfindən bu məqsədə oradan xeyli vəsait ayrılıbdır. Mənim kənd təsərrüfatı nazirinə iki sualım var. Cənab Abasov burada iştirak edir və məni eşidir. Birinci, mən istərdim biləm ki, 2008-ci il üçün Kənd Təsərrüfatı Nazirliyindən Astara rayonuna investisiya ayrılıbmı? İkinci sualım. Bu gün Astarada sitrus bitkiləri qışın sərt keçməsi ilə əlaqədar tamamilə məhv olubdur. Biz Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik ki, imkan daxilində bu məsələnin həllinə kömək etsin. Bu məsələyə baxılır, yoxsa yox? Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Samir Şərifova söz verək. Buyurun.
S. Şərifov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən, ilk növbədə, hörmətli deputatlara dərin təşəkkürümü bildirmək istərdim ki, onlar bu gün ölkə Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunan iki qanun layihəsinin müzakirəsində belə fəal iştirak edirlər.
Burada bir sıra məsələlər qaldırıldı. Bunların bir çoxu Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlıdır. Mən öz çıxışımda da bu məsələlərə aydınlıq gətirməyə çalışdım. Təkcə onu vurğulamaq istərdim ki, Prezidentimiz ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində xüsusi tədbirlərin həyata keçirilməsini nəzərdə tutubdur. Məhz bu məqsədlə də dövlət büdcəsində dəqiqləşmələr zamanı əlavə vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
O ki qaldı Neft Fondunun xərclənməsinə, Cəmil Həsənli də bu məsələyə toxundu. Biz bunu Milli Məclisdə sizin iştirakınızla bir neçə dəfə müzakirə etmişik. Sözsüz ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılanda burada əsas məram məlum idi. Elə bizim fondumuzun adı da belə adlanır: bugünkü və gələcək nəsillərin fondu. Heç vaxt deyilməmişdir ki, bu fond yalnız yığım məqsədlərini güdür. Neftdən gələn bütün vəsaitlər yığılıb gələcək nəsillər üçün saxlanmalıdır. Heç bir dövlətdə də bu, baş vermir.
Norveç tez-tez misal gətirilir. Mən onu qeyd etmək istərdim ki, Norveçdə, yəni Şimal dənizində neftin istehsalı 1970-ci illərdə başlasa da, onlar öz Neft Fondunu yalnız 1996-cı ildə yaratmışlar. 1996-cı ildən ilk dəfə olaraq Norveç Fonduna vəsait daxil olmuşdur. Norveç də o zaman nefti Şimal dənizində kəşf edəndə Avropanın ən kasıb ölkələrindən biri olmayıb. O xeyli inkişaf etmiş və zəngin ölkələrdən biri idi. Ona görə Norveç dövlətinin bütün ehtiyacları təmin edildikdən sonra yerdə qalan neft gəlirləri onların Dövlət Neft Fondunda saxlanıldı. Orada müəyyən siyasət var, yəni 4 faiz siyasəti. Neft Fondunun faiz dərəcəsini, yəni onların üzərinə gələn gəliri onlar xərclərə yönəldirlər. Bu, tamamilə başqa modeldir.
Azərbaycan bu gün tamamilə başqa bir şəraitdədir, yəni inkişafda olan, siz bilirsiniz ki, dövlət müstəqilliyini təzəlikcə qazanan bir dövlətdir. Onun qarşısında xeyli problemlər durur, bunlardan da ən əsası ərazi bütövlüyünün təmin edilməsidir. Ölkə əhalisi arasında 5 il bundan qabaq təxminən 50 faiz yoxsulluq var idi. Yalnız son 4 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 16 faizə enmişdir. Bu kimi problemlərin həllində, yəqin ki, biz təkcə dövlət büdcəsinin qeyri-neft sektorundan əldə edilən gəlirlərindən yox, eyni zamanda, neft gəlirlərindən də istifadə etməliyik. Sözsüz ki, söhbət gəlirlərin hamısının istifadə edilməsindən yox, bunların optimal bölüşdürülməsindən gedir. Hesab edirəm ki, bu vəzifənin öhdəsindən hökumət uğurla gəlir.
Burada optimal balans göstərilməklə, yəni neft gəlirlərinin bir hissəsi Azərbaycan iqtisadiyyatının inkişafına, xalqın rifah halının yüksəlməsinə yönəlməli, digər hissəsi isə bizim gələcək nəsillər üçün saxlanmalıdır. Dövlət Neft Fondunun yaradılmasında əsas prinsip – nəsillərarası ədalətli bölgü prinsipi saxlanılır və saxlanılacaqdır.
Çıxışlarda kənd təsərrüfatı ilə bağlı bəzi məsələlər səsləndirildi. Deputat İqbal Ağazadə burada müəyyən riyazi hesablamalar apardı. Azərbaycanda buğda üçün əkin sahələri yüksək səviyyədə hesablanmışdır. Burada söhbət, sadəcə, məlumatın qıtlığından gedir. Buğda səpilən hər hektar sahəyə 40 manat məbləğində yardım göstərilir. Eyni zamanda, yanacaq və sürtkü yağlarının alınması üçün 40 manat da əlavə yardım verilir. Mən təkcə onu demək istərdim ki, 2007-ci il ərzində bu yardımdan 370371 nəfər faydalanmışdır və bunun nəticəsində 1 milyon 54 min hektar sahə becərilmişdir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, yanacağa verilən 40 manatdan və buğda sahəsinə verilən 40 manatdan əlavə, eyni zamanda, kənd istehsalçılarına, fermerlərə mineral gübrələrin güzəştlə alınmasına görə 26 manatadək subsidiya verilir. Beləliklə, cənab İqbal Ağazadənin dediyində, sözsüz ki, səhvlər var.
“Azərbaycan Hava Yolları” Dövlət Konserni ilə bağlı fikirlər səsləndi. Hər il bu Dövlət Konserninə Naxçıvana uçuşları həyata keçirmək üçün dövlət tərəfindən subsidiya verilir. Subsidiyanın verilməsi nə ilə bağlıdır? Son dövrlərdə Naxçıvana uçuşlarla bağlı vəziyyət dəyişib. Söhbət gedir ki, Naxçıvana uçuşlar kommersiya baxımından zərərlidir. Amma Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla bizim hava əlaqəmiz çox etibarlı olmalıdır. Məhz ona görə də hökumət tərəfindən Hava yolları şirkətinə yanacağın qiymətini ödəmək məqsədləri üçün vəsait ayrılır. Bu mövzuda əlavə sual varsa, hesab edirəm ki, Milli Məclisin xüsusi orqanı – Hesablama Palatası var, onları təfsilatı ilə cavablandıra bilər. Biz də, əlbəttə, öz tərəfimizdən lazımi cavabları təqdim edə bilərik.
Bəzi investisiya layihələrinin dəyərləri barədə deyildi. Onlar müxtəlif üsullarla hesablanır. Deputat Ağazadəyə demək istəyirəm ki, bu layihələrin hər birinə baxmaq lazımdır. Onların investisiya dəyəri, tender nəticəsində müəyyən edilmiş müqavilə qiyməti və bunun əsasında yenə də bütün digər məlumatları təqdim etməyə hazırıq. Burada başqa heç bir sirr yoxdur.
Deputat Qüdrət Həsənquliyev hərbi xərclərlə bağlı narahatlığını bildirdi. Tamamilə düzdür, təqdim olunmuş qanun layihəsində müdafiə xərcləri 1 milyard 3 milyon manat təşkil edir. Amma eyni zamanda, 200 milyon manatlıq müdafiə təyinatlı investisiya xərcləri də var, bunlar da həmin müdafiə strukturlarına verilir. Onlar digər maddədə – “Kapital qoyuluşu” adlı maddədə öz əksini tapmışdır. Beləliklə, bunlar təxminən 2 milyard ABŞ dolları təşkil edir. Heç bir uyğunsuzluq yoxdur.
Əli Məsimli və digər deputatlar batmış əmanətlərlə bağlı məsələni diqqətə gətirdilər. Bu məsələ ilə neçə vaxtdır ki, məşğuluq. Yenə də hökumət buna hazır olduğunu bildirir və nə zaman müvafiq mexanizm hazır olsa, bu məqsədlər üçün vəsait tapıb istifadəyə yönəldəcəkdir. Pənah Hüseyn qanunazidd məsələlərin olduğunu dedi. Mən onun “antikommunist” mövqeyinə heç bir reaksiya vermək niyyətində deyiləm. Hesab edirəm ki, bütün addımlar qanunauyğun şəkildə həyata keçirilir.
Təqdim olunmuş qanun layihələri ilə bağlı təhlillərlə çıxış edən deputatların əksəriyyəti də bunu təsdiqlədi ki, hökumət qarşısında duran vəzifələri yerinə yetirmək, Azərbaycan iqtisadiyyatının daha da çiçəklənməsini, firavan inkişaf etdirilməsini həyata keçirmək üçün əlavə zəmin yaradılır. Eyni zamanda, bir daha onu da qeyd etmək istərdim ki, bu dəqiqləşdirmənin əsas məqsədlərindən biri əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Bu da ölkə Prezidenti tərəfindən hökumətə verilən bir tapşırıqdır. Biz xahiş edərdik ki, millət vəkilləri təqdim olunmuş qanun layihəsini dəstəkləsinlər. Çox sağ olun.
Sədrlik edən. Bizim hələ bir məsələmiz də var. Artıq bütün fikirlər söylənilib. Xahiş edirəm, buna münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.20 dəq.)
Lehinə 101
Əleyhinə 6
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 109
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələmiz “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Qanuna dəyişikliklər barədədir. Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, dəyərli hökumət üzvləri! Artıq bir neçə ildir ki, Azərbaycan xalqı ənənəvi olaraq ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin anım günlərini xüsusi məhəbbətlə qeyd edir. Hər yerdə onun siyasi xarizmasından, ən nümunəvi lider kimi gördüyü işlərdən, xalqa sədaqətlə və fədakarcasına xidmət etmək nümunəsindən danışırlar. Bugünkü müzakirələr bir daha Heydər Əliyevin sosial-iqtisadi siyasətinin uzaqgörənliyi və təntənəsinin bariz sübutudur.
Son illər Azərbaycanın maliyyə sistemində defisitli büdcənin profisitli büdcəyə çevrilməsi sayəsində sıçrayışlı iqtisadi inkişaf nəzərə çarpır. Cari ilin birinci rübündən az sonra nəzərdə tutulan büdcənin icrasının gözlənildiyindən təxminən yarıbayarı artmasını, sözün əsl mənasında, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qlobal, səriştəli və təmkinli iqtisadi siyasətinin sanballı nəticəsi hesab etmək olar.
Müzakirənizə təqdim olunan “Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi də məhz belə inkişafdan xəbər verir. Bu bir daha onu göstərir ki, bütün iqtisadi uğurlar son nəticədə xalqa xidmət edir, onun sosial müdafiəsinə istiqamətlənir.
Sizə paylanan layihədə Sosial Müdafiə Fondu büdcəsinin 2008-ci il üçün təsdiq olunmuş göstəricilərə nisbətən 137 min manat və ya 11 faizə qədər artması bunu bir daha əyani şəkildə təsdiq edir. Onu da xüsusi vurğulamaq lazımdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev əhalinin sosial müdafiəyə ehtiyacı olan aztəminatlı hissəsinin problemi ilə daha dərindən maraqlanır və pensiyaların, müavinətlərin, digər ödənclərin daim artmasına xüsusi diqqət yetirir. Elə bu məqsədlər üçün hər il ölkə büdcəsindən Sosial Müdafiə Fonduna xeyli miqdarda vəsait transfert olunur ki, bu da həmin xərclərin yaşayış minimumuna uyğunlaşdırılmasına böyük dəstək olur. Eyni zamanda, onu da qeyd etməyi vacib sayıram ki, hüquqi bazanın möhkəmləndirilməsi, Sosial Müdafiə Fondu kollektivinin yaradıcı, müasir maddi-texniki baza yaratması, onların apardığı islahatlar, mütərəqqi iş metodları nəticəsində sığorta vəsaitlərinin yığımı xeyli yüksəlmiş və bu sahədə olan bir sıra uyğunsuzluqlar aradan qaldırılmış və ölkədə vahid pensiya sistemi yaradılmışdır.
Sizə paylanan layihədə 2008-ci il üçün dürüstləşdirilərək proqnozlaşdırılmış 1 milyard 405 milyon manat gəlirlərin təkcə 385 milyon manatı dövlət büdcəsindən ayırmalardır. Bu proqnozlarda Sosial Müdafiə Fonduna bütövlükdə ödənişlərin 96 faizini əhaliyə verilən pensiyalar və digər bu tipli vəsaitlər təşkil edir. Bu da, əlbəttə, əvvəlki illərə nisbətən 31 faiz çoxdur. Xərclərin digər maddələrində də adekvat olaraq bir sıra artımlar nəzərdə tutulmuşdur.
Hörmətli Məclis iştirakçıları! Yuxarıda göstərilən müsbət tendensiyalarla yanaşı, komissiyalarda aparılan müzakirələr zamanı deputatlar bəzi düşündürən məsələlərə də diqqəti cəlb etdilər. Belə ki, pensiyaya çıxarkən vətəndaşların əmək haqlarının yüksək həddi məhdudiyyətinin götürülməsi və bunun əvvəlki illərə də şamil olunaraq ödənclərin yenidən hesablanması artıq bizim qəbul etdiyimiz qanunlarda öz əksini tapmışdır. Məhz bu hesaba hələ də cari ildə proqnozlaşdırıldığından xeyli miqdarda əlavə vəsait tələb olunur. Son ayların statistikasına görə Azərbaycanda yeni doğulan uşaqların sayı artır. İndiyə kimi bu məqsədlər üçün uşaq pulu, doğumla bağlı vəsaitin ayrılmasında, mən hesab edirəm ki, bundan sonra daha çox vəsait tələb olunacaq. Orta əmək haqqı, bildiyimiz kimi, Azərbaycanda kəskin surətdə artır. Bunun əsasında xəstəlik vərəqələrinə ayırmalar da nəzərdə tutulduğundan çox olacaq.
Bir məsələyə də diqqət yetirmək istəyirəm. Sosial Müdafiə Fondunun büdcəsinə dair Hesablama Palatasının həm əvvəlki, həm də artımla proqnozlaşdırılmış indiki arqumentlə və təsərrüfatçı gözü ilə aparılmış təhlilində maraqlı bir məsələ yenidən diqqəti cəlb edir. Bazarda qiymətlərin artmasına və inflyasiyanın yüksəlməsinə baxmayaraq, həmkarlar təşkilatlarına sanator-kurort xərcləri üçün nəzərdə tutulan vəsait 2007-ci ildəki həcmdən, demək olar ki, bir manat belə artmamışdır. Əlbəttə, bu, ciddi məsələdir.
Bundan başqa bir məsələni də biz Səlim müəllimlə dəfələrlə müzakirə etmişik. Mənə elə gəlir ki, bu, hamını düşündürən məsələdir. Sovet dönəmində pensiyaya çıxmış bir sıra vətəndaşların və eyni zamanda, bu gün alimlərimizin böyük bir qrupunun pensiya təminatında uyğunsuzluqlar var. Mən onu qeyd eləmək istəyirəm ki, bütün problemlərin böyük əksəriyyətinin Sosial Müdafiə Fondunun rəhbərliyi tərəfindən aradan qaldırılmasına baxmayaraq, bu sahədə hələ də problemlər var. Bunun, əlbəttə, bir səbəbi də yenə maliyyə dəstəyinin olmamasındadır. Məntiqi olaraq bütün bunlar onu göstərir ki, Sosial Müdafiə Fondunun büdcəsinə, əlbəttə, yenidən artırmalar olmalıdır. Bunun üçün mən hesab eləyirəm ki, dövlət büdcəsindən transfertin həcmi bu ərəfədə mümkün deyilsə, biz gələcəkdə mütləq onu etməliyik, çünki mənim sadaladığım məsələlər Prezident seçkisi ilində bütövlükdə gündəmdə duran məsələdir. Bunlar hökmən əlavə vəsaitlər tələb edir.
Mən inanıram ki, Sosial Müdafiə Fondunun özü hələ daha çox vəsaitlər cəlb edə bilər. Buna baxmayaraq, o vəsait mənim sadaladığım məsələləri tam əhatə edə bilmir. Bütövlükdə mən hesab edirəm ki, Sosial Müdafiə Fondunun büdcəsi bu gün məqbul hesab oluna bilər və deputat həmkarlarımı həmin bu büdcəyə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Səlim Müslümov, buyurun. Səlim müəllim, biz öyrənmişik ki, Sizin çıxışınız həmişə çox geniş olur. Xahiş eləyirəm, bir az konkret, qısa danışasınız.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında uğurla reallaşdırılan Heydər Əliyev iqtisadi siyasəti ölkəmizin həyatının bütün sahələrində sürətli və modern islahatlar həyata keçirməyə, o cümlədən insanlarımızın sosial müdafiəsini gücləndirməyə geniş imkanlar yaratmışdır.
2007-ci ilin yekunları, eləcə də cari ilin birinci rübünün nəticələri dünya iqtisadiyyatında mürəkkəb və çətin proqnozlaşdırılan dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycanda iqtisadi proseslərin daha səmərəli idarə olunduğunu bir daha təsdiqləyir. Nəticədə əhalinin pul gəlirlərinin və bu gəlirlərin əsas komponenti olan əmək haqlarının artım sürəti istehlak mallarının artım sürətini xeyli üstələyir.
Bu ilin birinci rübünün sonuna ölkə üzrə orta aylıq əmək haqqı 230 manata çatmışdır. Bu da ilin sonuna həmin göstəricinin ilkin proqnozda nəzərdə tutulduğundan xeyli yüksək olacağını və İqtisadi İnkişaf Nazirliyinin ekspertlərinin hesablamalarına görə təqribən 278 manata çatacağını göstərir. Belə bir artım əmək haqlarına nisbətdə hesablanan və ödənən məcburi dövlət sosial sığorta haqlarının da məbləğinin sürətlə artırılması üçün müvafiq baza yaradır. Həmin baza əsasında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artımı proqnozlaşdırılarkən iki istiqamətdə hesablamalar aparılmışdır.
Birinci istiqamət – büdcə təşkilatlarında çalışan şəxslərin əmək haqlarının artımına uyğun olaraq həmin təşkilatlardan Dövlət Sosial Müdafiə Fonduna ödənən məcburi dövlət sosial sığorta haqlarının artımı, ikinci istiqamət – qeyri-büdcə sektorundan Dövlət Sosial Müdafiə Fondu orqanlarına ödənən məcburi dövlət sosial sığorta haqlarının artımı. Bildiyiniz kimi, birinci istiqamət üzrə hesablamalar dövlət büdcəsinin sizə təqdim olunan layihəsində öz əksini tapmışdır və həmin hesablamalara görə, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışan şəxslərin əmək haqlarının artımı hesabına yeni büdcə layihəsinə görə əvvəlkindən fərqli olaraq 72,2 milyon manat artıq vəsait Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı kimi ödənəcəkdir. Əmək haqlarının sürətli artımı hesabına qeyri-büdcə sektorunda formalaşacaq baza əsasında Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığorta haqları üzrə bu sektordan gəlirlər təqribən 30 milyon manata yaxın artacaqdır.
Beləliklə, iki istiqamətdə əlavə daxil olacaq vəsaitlər hesabına Dövlət Sosial Müdafiə Fondunun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri təsdiq olunmuş büdcəyə nisbətən 101,8 milyon manat çox olacaqdır. Həmin vəsaitin ölkəmizin aztəminatlı əhalisinin əsas hissəsini təşkil edən pensiyaçıların pensiyalarının artırılmasına yönəldilməsi nəzərdə tutulur. Biz keçən il burada 2008-ci il üçün fondun büdcəsini müzakirə və təsdiq edən zaman nəzərdə tutmuşduq ki, pensiyaların baza hissəsinin iki dəfə, aprel ayının 1-dən və avqust ayının 1-dən müvafiq olaraq 5 manat, 10 manat olaraq artırılsın. Cənab Prezidentimizin müvafiq fərmanı ilə artıq bu hissə yanvarın 1-dən 10 manat artırılmışdır. İkinci artım, yəqin ki, ilin ikinci yarısının başlanğıcında olacaqdır və bu da hər halda həmin məbləğdən az olmayacaqdır. Dövlət Sosial Müdafiə Fondunun xərclər hissəsi üzrə apardığımız hesablamalar göstərmişdir ki, həmin məbləğlərin maliyyələşdirilməsi, eyni zamanda, əmək haqlarının artımı və pensiya hesablanan zaman əmək haqlarına qoyulan məhdudiyyətlərin götürülməsi nəticəsində yeni təyin olunan pensiyaların yüksək olması onların sığorta hissəsinin yüksəlməsi hesabına, ümumilikdə fondun büdcəsinin xərclər hissəsi üzrə öz əksini tapmış sığorta hissəsinin də əlavə olaraq 30 milyon manata qədər artmasına gətirib çıxaracaqdır. Ümumilikdə, pensiyaların baza və sığorta hissəsinin maliyyələşdirilməsi üçün tələb olunan əlavə vəsaitin həcmi təqribən 131 milyon manat təşkil edəcəkdir.
Bundan əlavə, bir az öncə Hadi müəllim burada çıxış eləyən zaman qeyd etdi ki, əmək haqlarının artımı nəticəsində bəzi, yəni hesablanması üçün baza kimi əmək haqları çıxış edən müavinət növləri – əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləliyə və doğuma görə uşaqların 3 yaşına qədər tərbiyə olunması üçün verilən müavinətlər üzrə artım baş verəcəkdir. Ona görə də büdcədə bunun üçün əlavə vəsaitlərin nəzərdə tutulması və ümumilikdə, müavinətlər üzrə təqribən 3,8 milyon manat əlavə vəsaitə ehtiyac olduğu üzə çıxmışdır. Həmin məbləğin də maliyyələşdirilməsi büdcəyə edilən dəyişikliklərdə öz əksini tapmışdır.
Bundan başqa, 135 milyon manata yaxın vəsaitin əlavə olaraq pensiyaçılara çatdırılması üçün müəyyən banklara xidmət haqqı ödənilməlidir. Bunun da məbləği 830 min manat büdcədə öz əksini tapmışdır. Ümumilikdə, bütün xərclərin artımı üçün tələb olunan 136,8 milyonluq vəsaitin, bayaq qeyd etdiyim kimi, 101,8 milyon manatı məcburi dövlət sosial sığorta haqlarının əlavə artımı hesabına maliyyələşdiriləcəkdir. Yerdə qalan 35 milyon manat isə dövlət büdcəsinin ilkin büdcəmizdə nəzərdə tutulan 350 milyonluq transfertinin 385 milyon manata çatdırılması, yəni 35 milyon manat artırılması hesabına təmin olunacaqdır. Bu dəyişikliklər baş verdikdən sonra dövlət büdcəsinin transfertinin Dövlət Sosial Müdafiə Fondunun ümumi xərclərinin maliyyələşdirilməsindəki payı 27,6 faizdən 27,4 faizə enəcəkdir, yəni 0,2 faiz aşağı düşəcəkdir.
Bu dəyişikliklər Dövlət Sosial Müdafiə Fondunun 2008-ci il üçün büdcəsinə edilən əsas dəyişikliklərdir. Mən bunlar haqqında sizə qısa məlumat verdim. Millət vəkillərimizdən xahiş etmək istərdim ki, bu büdcə layihəsini dəstəkləsinlər. Bu büdcə layihəsi Dövlət Sosial Müdafiə Fondunun ölkəmizin aztəminatlı əhalisinin əsas hissəsini təşkil edən pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən atılan növbəti addım kimi qiymətləndirilir. Bu addımın dəstəklənməsini deputatlarımızdan xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Səlim müəllim. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən Səlim Müslümov tərəfindən təqdim olunmuş Sosial Müdafiə Fondunun 2008-ci il üçün büdcəsi ilə bağlı məlumatı dəstəkləyirəm. Düşünürəm ki, Milli Məclisə bu gün təqdim edilmiş büdcəyə əlavələr, bütün sahələrdə olduğu kimi, Azərbaycan Respublikasının sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarının da həyat şəraitinə və yaşayışına öz müsbət təsirini göstərəcəkdir. Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət özünün doğruluğunu və müsbət nəticələrini göstərməkdədir və bir daha belə bir əminliyi ifadə etmək olar. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi və sosial siyasət bu gün uğurla yerinə yetirilməkdədir.
Mən, yeri gəlmişkən, bir məqamın üzərində dayanaraq digər məsələni diqqətinizə çatdırmaq istərdim. Burada bəzi hörmətli həmkarlarımız neft amilini önə çəkərək əsası olmayan narazılıqlarını ifadə etməkdədirlər. Bu gün çox böyük çətinliklə, ağır bir əməklə həyata keçirilən və özünün müsbət nəticəsini verən neft amilinin Azərbaycanın iqtisadi həyatına, büdcəsinə və sosial həyatına göstərmiş olduğu müsbət təsirlərə kölgə salmaq cəhdləri ancaq və ancaq təəssüf doğurur. Neft Azərbaycanın sərvətidir, bugünkü və gələcək nəsillər üçün hesablanmış neft strategiyası üzərində qurulan və konkret nəticələrini verən bir siyasətdir. Unutmaq olmaz ki, 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası məhz İlham Əliyevin bilavasitə ölkəyə prezidentlik etdiyi dövrdə konkret nəticələrini verməkdədir.
Diqqətinizə bir faktı çatdırmaq istəyərdim. Əgər hörmətli həmkarlarım xatırlayırlarsa, 2003-cü ildə Azərbaycanın büdcəsi 1,2 milyard manat idi. İndi isə Azərbaycanın büdcəsi 10 milyard manatdan yuxarıdır. Heç şübhəsiz ki, bu büdcənin formalaşmasına ölkənin digər iqtisadi strukturları ilə bərabər neft sektoru da öz konkret nəticələrini verir və bundan narahat olmağa dəyməz. Sosial yönüm çox əhəmiyyətlidir, ölkə Prezidentinin müəyyən etmiş olduğu xətt sosial yönümlü xətdir. Hər il büdcə layihəsi müzakirə olunarkən diqqət əhalinin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşmasına doğru yönəldilməkdədir. Çox yaxşı haldır ki, indiki vəziyyətdə də sosial müdafiəyə ehtiyacı olan təbəqələrin həyat şəraitlərinin yaxşılaşdırılmasına doğru müəyyən addımlar atılır. Mən çox arzulayardım ki, bundan sonra biz, hörmətli cənab Sədr, diqqətimizi, eyni zamanda, ali məktəb müəllimlərinin, elmlər doktorlarının, elmlər namizədlərinin və doğrudan da, bu gün elmə töhfəsini verən Milli Elmlər Akademiyasında çalışan insanların da əmək haqlarının artırılmasına yönəldək.
Xatırlayırsınızsa, burada büdcə müzakirə olunarkən söylədim ki, bu, xüsusi stimul əhəmiyyəti daşıyır. Nəzərə alaq ki, belə bir stimul olmadan gələcəkdə Azərbaycan elminin inkişafında böyük problemlər yarana bilər. Bu gün burada iştirak edən çox hörmətli jurnalistlər mənim sözlərimi sabahkı qəzetlərin səhifələrinə çıxarmasınlar. Lakin millət vəkillərinin də mütləq əksəriyyətinin bir fikrini çatdırmaq istəyərdim. Hamı düşünür ki, görəsən, millət vəkillərinin maaşlarının artırılması mümkün olacaqmı? Mən istəyərdim ki, bununla da bağlı bir aydınlıq olsun. Hörmətli cənab Sədr, xahiş edərdik ki, millət vəkillərinin bu düşüncələrini, bu xahişlərini Siz nəzərə alasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür eləyirəm, möhtərəm Sədr. Mən bilirəm ki, Dövlət Sosial Müdafiə Fondunun imkanları o qədər də çox deyildir. Fonda nə qədər pul toplanırsa və yaxud büdcədən nə qədər pul ayrılırsa, ölkədə sosial müdafiə işi də fond xətti ilə o cür həyata keçirilə bilir. Hər halda bir sıra məsələləri yenə də diqqətinizə çatdırmaq istəyirəm.
Hələ 1992-ci ildə qəbul olunmuş “Əhalinin gəlirlərinin indeksasiyası haqqında” Qanunda əmək gəlirlərinin, o cümlədən pensiyaların, təqaüd və müavinətlərin ölkədə baş verən inflyasiyaya uyğun indeksləşdirilməsi haqqında müvafiq müddəalar vardır. Əgər inflyasiya hər rübdə 5 faizdən çox olarsa, buna baxılmalı və bu kateqoriyadan olan gəlirlər üzrə hesablanıb, həmin şəxslərə müvafiq ödənclər verilməlidir. Lakin 1992-ci ildən bəri qanunun həmin müddəaları həyata keçirilmir. Bir çox hallarda müəyyən artımlar edilir. Məsələn, hörmətli Sosial Müdafiə Fondunun sədri bildirdi ki, bu il dövlət başçısının sərəncamı ilə pensiyalar 10 manat artırılmışdır. Bu, qanunun tələb etdiyi kimi, inflyasiyanın indeksləşdirilməsi üçün heç kifayət etmir. Yəni, faktiki olaraq, pensiyaçıların yaşayış səviyyəsi yüksək inflyasiya nəticəsində aşağı düşür, nəinki qalxır.
Həmin artımın baza hissəsində nə qədər olduğunu hesablamaq üçün Hesablama Palatasının hörmətli sədrinin keçən iclasda dediyi kimi, böyük iqtisadçı yox, doğrudan da, bir hesabdar olmaq kifayətdir. Bu cəmi 12-13 faiz eləyir, rəsmi inflyasiya isə, bilirsiniz ki, 16,2 faiz hesablanmışdır. Bu ilin təkcə birinci rübü ərzində inflyasiya rəsmi rəqəmlərə görə 10 faizə yaxınlaşmışdır. Əhalinin bu kateqoriyasının istifadə etdiyi zəruri məhsullar sahəsində isə inflyasiya real olaraq, təkrar eləyirəm, 40-50 faizə çatır. Yəni son bir ildə çörəyin, düyünün, yağın qiymətinin iki dəfə artması, mənə elə gəlir, artıq hamı tərəfindən etiraf olunan bir məsələdir. Əhalinin gəlirlərinin əsas hissəsi bu məhsulların alınmasına sərf edilir.
Məncə, sosial təminat məsələsi ilə sosial müdafiə sahəsini bir-birinə qarışdırmaq lazım deyil. Lakin ölkədə sosial müavinət 25 manat həcmində qalmaqda davam edir. Sosial müavinət alan şəxslərin içərisində Qarabağ müharibəsinin, digər müharibələrin əlilləri, birinci, ikinci qrup əlillər də vardır. Yaşa görə verilən pensiyanın həcmi hətta bundan da azdır. Təkrar eləyirəm, ona görə də büdcədən 35 milyon təxminən indiki ayırmaların yalnız 1 faizinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi sosial ədalətsizliyin ən bariz nümunəsidir. Yeni ödənclərin cəmisi 1 faizi Dövlət Sosial Müdafiə Fonduna yönəldilir. Bu qətiyyən yolverilməzdir, yüz minlərlə əhalinin aclıq və səfalətə məhkum edilməsi deməkdir, onların ölüm hökmüdür.
Mən hesab eləyirəm ki, Dövlət Sosial Müdafiə Fondu və yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün qiymətlərin artması gizli məsələ deyildir. Qıtlıqla bağlı dünyanın hətta ən inkişaf etmiş ölkələrində olduğu kimi, əhalinin aztəminatlı hissəsinin pulsuz ərzaqla təmin olunması və güzəştli şərtlərlə həmin kateqoriyaya müəyyən standartda, keyfiyyətdə və çəkidə stabil qiymətlə, ola bilsin, bir qədər də dövlət büdcəsinin hesabına bir fondun yaradılmasına və bundan istifadə edilməsinə ehtiyac vardır. Bu qiymət dövlət tərəfindən müəyyən oluna bilər. Bir daha təkrar eləyirəm, bu onsuz da olacaqdır. Belə bir vəziyyətdən çıxmaq çox çətin məsələdir. Bunu tezliklə etmək lazımdır. Hesab edirəm ki, bununla həmin kateqoriyadan olan insanların qarşısındakı borcumuzu ödəmiş olarıq. Ona görə də mən hesab eləyirəm ki, bir daha bu məsələyə baxmaq lazımdır. Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsinin digər fondlarından fərqli olaraq, məhz qanuni, ciddi bir şəkildə neft gəlirlərindən, büdcədən əlavə ayırmalara ehtiyacı vardır. Mən belə bir məsələnin işlənib, hazırlanıb qəbul edilməsinə səsləyirəm. Təşəkkür eləyirəm.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Büdcəyə əlavələrin müzakirəsi ərəfəsində, həmişə olduğu kimi, mətbuatda müəyyən maraqlar əmələ gəlir. Bu bəzən məsələlərə münasibətlə, bəzən də mətbuatın maraqları ilə bağlıdır. Bu ərəfədə mətbuatımızda təsəvvür yaradılmağa çalışıldı ki, guya bizim hörmətli vitse-spikerimiz Valeh Ələsgərov mədəniyyət və incəsənət sahəsinə və həmin sahədə çalışan şəxslərə az maliyyə vəsaiti ayrılmasına tərəfdar olub. Amma mətbuat nəyi isə müzakirəyə çıxarmaq istəyəndə gərək bunu aydınlaşdırsın. Bu məsələ büdcə ilə bağlı deyildir. Bu məsələ yaradıcı ittifaqlar və yaradıcı şəxslərlə bağlı qanun layihəsinin müzakirəsinə aid idi. Valeh müəllimin orada dedikləri də tamam ayrı prinsiplər ilə bağlı idi. Bu qanunvericilik sistemində nə isə yaratmaq lazım idi. Təbii ki, heç kim mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinə geniş maliyyə ayrılmamasına tərəfdar olmaya bilməz. Bu çox mühüm məsələdir, belə də olacaq.
Bizim hazırladığımız həmin qanun layihəsində də müəyyən problemlər var. Bunları biz, yəqin ki, Maliyyə Nazirliyi ilə müzakirə edəcəyik. Amma biz bu fikirdəyik ki, həqiqətən, yaradıcılıq ittifaqları heç də qeyri-hökumət təşkilatlarına uyğunlaşdırıla bilməz. Amma bununla yanaşı, istər mənim verdiyim müsahibədə, istərsə də başqa müsahibələrdə yanlışlıqlara, təhriflərə yol verilibdir. Faktiki olaraq heç birimizə yaraşmayan ifadələr işlədilibdir. Valeh müəllim bizim ən böyük intellektuallarımızdan biridir. Valeh müəllim bizim ağsaqqalımızdır, Valeh müəllim çox hörmətli bir insandır. Mən demişəm, bir adam ki ədəbiyyat oxumur, o, ədəbiyyatın maliyyələşməsindən danışmasın. Amma bu, Valeh müəllimin adına yazılıb. Mən mətbuatda ayrıca çıxış edib bu məsələ ilə bağlı vəziyyəti izah edəcəyəm.
Amma mən bilirəm, yaradıcı şəxslər də bilsinlər ki, bizim maliyyə işçilərimiz, dövlətimiz heç zaman yaradıcı şəxslərə qayğısını əsirgəməyib və bundan sonra da əsirgəməyəcək. Xüsusilə də yazıçılarımız Valeh müəllimə etiraz etməyə çalışmasınlar və mətbuatda bu məsələni qabartmasınlar. Ona görə ki, Azərbaycan dövlətinin mədəniyyət siyasətini nə Valeh Ələsgərov müəyyənləşdirir, nə də Nizami Cəfərov. Həmin siyasət əvvəldən müəyyənləşdirilib və bu gün onu bizim Prezidentimiz yürüdür. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Həqiqətən, bunu mən də başa düşmədim. Valeh müəllimin dediyi bu idi ki, əgər həmin sahəyə maliyyə vəsaiti ayıracağıqsa, mövcud qanunvericilikdə dəyişikliklər etmək lazımdır. Başqa söhbət olmamışdır. Bu söhbətləri də şişirtmək, yazmaq düzgün deyil. Abel Məhərrəmov.
A. Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə qeyd etmək istəyirəm ki, müzakirə olunan layihəni yüksək qiymətləndirirəm və ona səs verəcəyəm, həmkarlarımı da buna səs verməyə dəvət edirəm. Ancaq mənim sualım var. Sualı verməmişdən öncə bir cümlə ilə giriş verim.
Bu gün Azərbaycanda təxminən 1800 nəfər elmlər doktoru, professor çalışır. Onların bir qismi, təqribən 500-600 nəfəri Azərbaycan Milli Elmlər Akademiyasında çalışır, qalanları isə ali təhsil müəssisələrində, yəni universitetlərdə işləyirlər. Onların da 200 nəfəri dövlət təminatındadır, Milli Elmlər Akademiyasının həqiqi müxbir üzvləri, Prezident təqaüdçüləridirlər. Yəni onlar müəyyən müavinət ala bilirlər. Hesablamalar göstərir ki, 200-250 nəfərin yaşı 80-i keçibdir. Ancaq onlar yenə də öz iş fəaliyyətlərini davam etdirirlər. Məsələn, Bakı Dövlət Universitetində çalışan təqribən 15 nəfərin yaşı 80-i keçib. Eləsi var ki, yaşı 90-ı keçib. Biz onları təqaüdə göndərə bilmirik.
Qardaş Türkiyədə 68 yaşı olanda professorları aldıqları məvacib qədər pensiya verib yola salırlar. Biz onlara 80 yaşdan sonra işdən getməyi təklif edərkən onlar bizə deyirlər ki, bizi hara göndərirsiniz, biz vaxtilə yaxşı dolanan təbəqə olmuşuq, biz işdən getsək, vəziyyətimiz ağırlaşacaqdır, təqaüd xeyli aşağıdır, işdə çox pul alırıq. Açıq danışmaq lazımdır ki, biz onları universitetdən xaric edə bilmirik, daha doğrusu, təqaüdə göndərə bilmirik.
Digər tərəfdən, başqa bir məsələ də var. Təqaüdə gedən adamların, professorların yerinə yenilərini götürməliyik. Yeniləşmə ən aşağısı 5-15 faiz arasında olmalıdır. Deməli, biz bu yeniləşmədən kənarda qalırıq. Bu reallıqdır. Dərslərin sayı artmır və ya Elmlər Akademiyasında ştatlar açılmır ki, yeni ştat götürək. Ona görə də mən fürsətdən istifadə edib xahiş edirəm ki, heç olmasa, ildə 50-100 elmlər doktoruna, professorlara aldıqları maaş qədər pensiya verməklə təqaüdə göndərilməsini təmin etsinlər. Mən hörmətli Səlim müəllimdən soruşuram: bu yəni çətinmi işdir? Büdcədə 35 milyon manat vəsait artırılır. Bunun az bir hissəsi, 3 milyon manat bəs edər ki, həmin problemi həll edək.
Bunun başqa tərəfi də var. Hörmətli Oqtay müəllim, icazə verin, son cümləmi deyim. Bunun başqa bir tərəfi ondan ibarətdir ki, gənclərdə stimul yaranmır. Görürlər ki, yaşı 80-dən yuxarı olan müəllim zorla gəlir. Onu məcbur olub auditoriyaya salırıq. Onda da vəziyyət ağırlaşır. Fürsətdən istifadə edib xahiş edirəm, imkan varsa, Səlim müəllim bizə desin, bu məsələni həll etmək mümkündürmü? Nə düşünürlər bu barədə? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tək bu məsələ deyil, digər məsələlər haqqında da komissiyanın iclasında Şəmsəddin müəllim məsələ qaldırdı. Belə məsələlər üzərində işləməliyik, təkliflər verməliyik. İndi Yaqub Mahmudov buyursun.
Y. Mahmudov. Təşəkkür edirəm, cənab Sədr. Əslində, mənim deyəcəyim məsələləri hörmətli həmkarlarım burada qaldırdılar. Əvvəla, mən qeyd etmək istəyirəm ki, bizim Dövlət Sosial Müdafiə Fondu, eləcə də Maliyyə Nazirliyi, maliyyə strukturlarımız, demək olar ki, dünya standartları səviyyəsində fəaliyyət göstərirlər. Biz bunu millət vəkili olaraq qeyd etməliyik. Çox fərəhli haldır ki, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində çox ciddi dəyişikliklər əmələ gəlib. Əvvəlki narazılıqlar aradan qalxıb, təqaüdlərin alınmasında kartlara keçilibdir. Bunlar çox böyük uğurdur. Bu baxımdan təqdim olunan dəyişikliklərin qəbul edilməsinə tərəfdaram və buna səs verəcəyəm.
Mən həmkarlarıma qoşularaq Səlim müəllimdən xahiş etmək istəyirəm, yollar axtarsın. Həqiqətən də, kritik vəziyyətdir, cənab Sədr. Birincisi, SSRİ dövründə elm, ali təhsil sahəsində çox böyük xidmətləri olan şəxslərə, Sovet İttifaqı qəhrəmanlarına, Sosialist Əməyi qəhrəmanlarına, xüsusilə də Ali Sovetin deputatlarına elə pensiyalar kəsilib ki, bunlar ancaq gülüş doğurur. Yəni müasir dövrlə müqayisədə onların həyat şəraiti olduqca pisdir. Abel müəllim çox doğru qeyd etdi. Milli Elmlər Akademiyasında da vəziyyət belədir. Biz artıq əmək qabiliyyətini itirən adamlarla xudahafizləşə bilmirik. İşdən ayıran kimi onların yaşaması problem olur. Ona görə mən də xahiş edərdim. Biz bunu müzakirə zamanı Səlim müəllimə demişik. Bir də müraciət edib demək istəyirik. Alimlərin, səhiyyə, təhsil işçilərinin pensiya məsələsinə baxmaq lazımdır. Bir də sovet dövründə pensiyaya çıxan xidməti olan adamlar çox əziyyət çəkirlər.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Büdcədəki dəyişikliklər, sözün əsl mənasında, düşünülmüş, hesablanmış, Azərbaycanın inkişafına yönəlmiş şəkildə təqdim olunub. Mən büdcədə edilən dəyişiklikləri və büdcənin icrası ilə əlaqədar maliyyə strukturlarının, hökumətin fəaliyyətini bəyənirəm və müdafiə edirəm.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Bura Milli Məclisdir. Burada görülən işə düzgün qiymət vermək lazımdır. Mən bu yaxınlarda ulu öndərin 85 illiyi ilə əlaqədar cənub bölgəsinə getmişəm. Lerik dağlarının başına dünya standartlarına uyğun yol çəkilibdir. Əvvəllər camaat həmin məsafəni 4 saata gedə bilmirdi. Bunu ancaq alqışlamaq lazımdır. Xınalığa yol çəkilibsə, alqışlamaq lazımdır. Çox təəssüf edirəm, İqbal müəllim məsələ qoydu ki, mən xəritədə Şin çayını tapa bilmirəm. İqbal müəllim, ola bilər, sən Şin çayını gedib Amerikada axtarmısan. Zəhmət olmasa, Azərbaycanın xəritəsinə bax, Şimal-Qərbi Azərbaycanda Şin çayının təxminən 8 kilometr yatağı var. Hər dəfə daşanda onlarla kəndi zəlil edir. Sovet dövründə Hərbi-Gürcüstan dəmir yolunu birləşdirməkdən ötrü strateji yolun salınması üçün dəfələrlə vəsait ayrılıb, amma iş görülməyib. Ona görə də mən buradan Nəqliyyat Nazirliyinə, “Azəryol” servis xidmətinə, Cavid Qurbanova minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan Respublikası Prezidentinə həmin zonada yaşayan vətəndaşlarımızın təşəkkürünü yetirmək istəyirəm.
Hörmətli Sədr, 180 min əhali bu çayın ucbatından 200 kilometr yolu fırlanıb Şəki şəhərinə gəlirdi. Bu körpünü salmaqla camaata xüsusi xidmət göstərilibdir. Həmin çayın üzərindən salınan körpü Azərbaycanın Şimal-Qərbinin Böyük İpək yolu ilə əlaqələndirilməsində çox böyük rol oynayacaq. Ona görə də mən çox arzu edərdim ki, bu məsələlərə toxunanda əvvəlcə öyrənilsin, araşdırılsın, sonra söz deyilsin.
Yekunda, mən büdcədə olan dəyişiklikləri alqışlayıram. Mən bir fikirlə də razı deyiləm. Tez-tez fikir səslənir ki, bəs neft qurtaranda nə olacaq? Neftin qurtarmasına 50 il qalıb. Neftdən sonra da bizim qazımız var. Bu sahə bizdə çox inkişaf edəcək. Xəzərdə bizim böyük ehtiyatlarımız var. Dünya da bizim buradakı karbohidrogen ehtiyatlarımıza gözünü dikib. Hörmətli deputatlar, mən xahiş edirəm, qaz məsələsini siz Xəzərdəki qazla əlaqələndirin. Bu baxımdan ölkədə çox ciddi işlər gedir. Neftdən alınan vəsait Azərbaycan Prezidentinin xüsusi nəzarəti altında başqa sahələrə yönəldilir və artıq həmin sahələrdən də büdcəmizə gəlirlər daxil olmaqdadır. Bu heç də bizdə belə panika yaratmamalıdır. Azərbaycan Prezidenti, hamı eşidir. Bu sahələrin hamısından daha çox indi intellektual potensiala yer verilir. Xaricə tələbələr göndərilir, elm inkişaf etdirilir, təhsilə əhəmiyyət verilir. Bu isə o deməkdir ki, gələcəkdə xalqımızı neftlə yox, intellektimiz ilə doyduracağıq. Yəni bunun da xüsusi bir...
Sədrlik edən. Sağ olun, Yaqub müəllim. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Deyəsən mənim həmkarlarım çox tələsirlər. Amma mən də bir neçə kəlmə ilə fikirlərimi deyəcəm. Təbii ki, dövlət büdcəsinin gəlirlərinin və xərclərinin bu cür artması ölkədə cənab Prezidentin rəhbərliyi altında aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir və hamı bunu dəstəkləyir. Amma bir-iki məsələyə toxunacam. Həmkarlarımın çıxışında həmin məsələyə geniş yer ayrılmadı. Mən çox istəyərdim ki, vaxt qısa olsa da, hörmətli maliyyə nazirimiz və hökumət üzvləri bu məsələyə münasibət bildirsinlər.
Bu gün cənab Prezident ölkədə gənclər siyasətinə, aztəminatlı insanların məsələsinə çox diqqətlə yanaşır. Heç kim üçün sirr deyil ki, bu gün ən çətin problemlərdən biri mənzil problemidir. Evlərin qiymətləri sürətlə bahalaşır. Ən çətin kateqoriyalar kimlərdir? Bunlar gənc ailələr, müəllimlər, adlarını sadaladığımız elm adamlarıdırlar, onların əmək haqları ilə mənzil alınması çox çətin məsələdir. Burada hörmətli hökumət üzvləri deyə bilərlər ki, bəli, kommersiya ipoteka kreditləri var. Amma kommersiya ipoteka kreditlərinin faiz dərəcələri ilə bəlkə millət vəkilinin də özünə ev alması çox çətin məsələdir.
Artıq bir ildir ki, sosial ipoteka kreditləri verilmir. Keçən dəfə Samir müəllimə mənim tərəfimdən bu haqda sual verildi. Amma ətraflı cavab ala bilmədik. Yenə bu məsələyə toxunmaq istəyirəm. Artıq may ayıdır. Nəyə görə sosial ipoteka kreditləri haqqında indiyə qədər fikir aydınlığı yoxdur? Bu kredit nə vaxtdan verilməyə başlayacaq? Bizə seçicilərimizdən məktublar gəlir, insanlar da soruşurlar. Bu, kifayət qədər çox insanı maraqlandıran bir məsələdir. Bu cür kreditlərlə bir çox insan onları narahat edən problemlərini, mənzil problemlərini həll edə bilərlər. Bu gün ölkəmizin imkanları artır. Büdcənin də imkanları artır. Bu məsələ ilə bağlı vəsaitin ayrılması doğrudanmı çox böyük bir problemdir? Mənə elə gəlir ki, bu məsələ üçün vəsaitin ayrılmasına şərait yaratmaq olar. Cənab Prezident, təbii ki, buna dəstək verər. Mən istərdim ki, bu məsələyə aydınlıq gətirilsin.
İkinci bir məsələ ilə bağlı mən xahiş etmək istəyərdim. Mən parlamentdə bu məsələni qaldırmışam. Bu gün sağlamlığını itirmiş şəxslər arasında ən ciddi problemlərlə üzləşənlər xroniki böyrək çatışmazlığı olan insanlardır. Bilirsiniz, bir dializ seansının qiyməti 60-70 manata gəlib çıxır. Heç bir ailə bu yükü götürmək qabiliyyətində deyil. Bu xəstələrin həyatları tükdən asılıdır. Məsələn, Hesablama Palatasının rəyində deyilir ki, Nazirlər Kabinetinin qəbul etdiyi proqram vardır. Həmin proqramın ötən il yerinə yetirilməsi üçün 600 min manat pul ayrılıb ki, bu da proqramın daha səmərəli həyata keçirilməsinə mane olub. Nə qədər insan növbədə durur. Onların, yenə də deyirəm, həyatı günlərlə hesablanır. Onlar onun-bunun qapısından bir az pul tapırlar ki, heç olmasa, ömürlərini uzatsınlar. Bu insanların problemlərinə bir az daha dəqiq yanaşaraq vəsaitin artırılmasını xahiş edərdim. Xahiş edərdim ki, bu məsələyə bir az diqqət yetirilsin.
Üçüncü məsələ. Abel müəllim bu məsələyə toxundu. Bu çox vacib bir məsələ idi. O, gənc alimlərin stimul məsələsi haqqında dedi. Mən Milli Elmlər Akademiyasının rəhbəri Mahmud Kərimovun müsahibəsini oxudum. Səhv etmirəmsə, deyildi ki, 200 yer elan olunub. Amma kifayət qədər boş yerlər olduğuna baxmayaraq, gənclər aspiranturaya gəlmirlər. Abel müəllimin qaldırdığı məsələnin həll olunması ilə yanaşı, elmə gələn gənclərə dəstəyin artırılması istiqamətində düşünməliyik. Gənclərin elm sahəsinə meyillərini artırmağa çalışmalıyıq, çünki bu çox çətin bir sahədir. Elmlə məşğul olan hər bir insan da yaşamalıdır. Bu baxımdan onlara dəstəyimizi daha da artırmalıyıq.
Digər bir məsələdən də bu gün danışıldı. Cənab Prezident ərzaq təhlükəsizliyi ilə bağlı proqram imzaladı. Amma mən qısa olaraq bu fikrə münasibət bildirmək istəyərdim. Təbii ki, dünyanın hər yerində olduğu kimi, bahalaşma ilk növbədə sosial vəziyyəti aşağı olan insanlara təsir edir. Rəsmi rəqəmlərə görə yoxsulluq həddində yaşayan insanlarımız 16 faiz təşkil edir. Bahalaşma fonunda onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ünvanlı sosial yardım proqramı çərçivəsində dəyişikliklər, yeniliklər daha geniş kütləni əhatə etməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Görünür, həvəsə gəlib çıxış etmək istəyənlər var. Amma vaxtımız qurtarır. İndi Səlim müəllimin cavab verməsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Səlim Müslümov.
S. Müslümov. Təşəkkür edirəm, cənab Sədr. Bütün millət vəkillərimizə təkliflərinə görə dərin təşəkkürümü bildirirəm. Onların qaldırdıqları məsələlər, Oqtay müəllim, hökumətin gündəliyində duran məsələlərdir. Bunlardan ikisinin üzərində xüsusi dayanmaq istəyirəm. Bunun biri Abel müəllimin burada qeyd etdiyi məsələdir. Pensiya yaşında olan elmlər doktorları və elmlər namizədlərinin pensiyaları aşağı məbləğdədir. Hazırda bu məsələ üzərində iş gedir. Biz artıq dəfələrlə Azərbaycan Respublikası Maliyyə Nazirliyində cənab Samir Şərifovla bu məsələnin müzakirəsini aparmışıq. Söhbət maliyyə resurslarından getmir, maliyyə resursları var. Amma problemin həlli yolu axtarılır. Əgər elmlər namizədi, elmlər doktoru adına görə hansısa bir əlavə pensiya haqqında qanunvericiliyə əlavə edilərsə, bu, xüsusi rütbəsi və ya xüsusi adı olan insanlar tərəfindən necə qarşılanacaq? Onlar da həmin adlara görə əlavənin olmasını tələb edəcəklərmi? Bu məsələlər ortaya çıxa bilər. Ona görə də söhbət qətiyyən onların sayından və ya onların hansısa yaşda olmalarından getmir. Problemin həlli yolları axtarılır, Oqtay müəllim.
İkinci mühüm məsələ daha öncə, sovet dövründə pensiyaya çıxan insanların bu gün aldıqları pensiyanın hazırda pensiyaya çıxanların pensiyalarından aşağı olması ilə bağlıdır. Bu məsələ üzərində də hazırda iş aparılır. Xüsusilə də yuxarı yaşda olan pensiyaçılarımızın pensiyalarına əlavələrin edilməsi məsələləri müzakirə olunur, variantlar axtarılır. Mən elə fikirləşirəm ki, yaxın zamanlarda pensiya qanunvericiliyində edilən müvafiq dəyişikliklərdə bu problemlərin həlli öz əksini tapacaq.
Nəhayət, burada bir məsələni də Pənah Hüseyn qaldırdı. Bu, pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, “Əmək pensiyaları haqqında” Qanunu Milli Məclis qəbul edib. Bu gün həmin qanun qüvvədədir. Həmin qanunun 29-cu maddəsinə görə pensiyaların həm baza hissəsi, həm də sığorta hissəsi hər il indeksləşdirilir. Baza hissəsi ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə istehlak qiymətləri indeksindən aşağı olmayaraq qaldırılır. Artıq bu ilin əvvəlindən 10 manat qaldırılıb. Növbəti artım olacaq. İkisi bir yerdə mən elə fikirləşirəm ki, bu artımlar 40 faizdən az olmayacaq. Pensiyaların sığorta hissəsinin indeksləşdirilməsi barədə müvafiq fərman olub. Pensiyaların sığorta hissəsi 16,7 faiz indeksləşdirilib. Bu proses qanunla nəzərdə tutulub və daimi olaraq davam etdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.05 dəq.)
Lehinə 93
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hökumət üzvlərini təbrik edirik. Hörmətli millət vəkilləri, gələn iclasımız may ayının 6-da ulu öndər Heydər Əliyevin 85 illiyinə həsr olunacaqdır. Ondan qabaq bizim bir tədbirimiz də var. Hamınıza dəvətnamə verilib. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi