2008-ci il 11 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  93

Milli  Məclisin  iclas  salonu.
11  noyabr  2008-ci  il.  Saat  12.

Milli  Məclis  Sədrinin  birinci  müavini
Z. Əsgərov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

İclasa  dəvət  olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin səlahiyyətlərini icra edən.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Aydın Bəşirov, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi direktorunun səlahiyyətlərini icra edən.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəisinin səlahiyyətlərini icra edən.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Aynur Sofiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
İsgəndər İsgəndərov, Azərbaycan Respublikası təhsil nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Qanununun qüvvədə olma müddətinin uzadılması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.

* * *

Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılmışdır.
 

Azərbaycan  Respublikası
Milli  Məclisi  Sədrinin
birinci  müavini                                           Z. ƏSGƏROV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

11  noyabr  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, yerlərinizi tutun. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.08 dəq.)
İştirak edir 92
Yetərsay 83

92 nəfər iştirak edir. Yetərsay var, çox sağ olun.
Hörmətli deputatlar, gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.09 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli həmkarlar, mənim sizdən bir xahişim var. Bilirsiniz ki, bu gün 2009-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Ona görə etiraz eləməsəniz, yarım saatlıq müzakirə məsələsini təxirə salaq və birbaşa büdcənin müzakirəsinə keçək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm.
Hörmətli cənab Baş nazir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və uzun müddətli dövrü əhatə edən sosial-iqtisadi inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında müasir dövrün reallıqları nəzərə alınmaqla daha da zənginləşdirilərək uğurla həyata keçirilir. Azərbaycanın tərəqqisi onun makroiqtisadi göstəricilərində və sosial sahənin sürətli inkişafında təzahür edir. Son 5 ildə Azərbaycan iqtisadiyyatı, ölkənin ictimai-siyasi həyatı keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Ölkəmizin dünya iqtisadiyyatına və Avropa hüquq məkanına inteqrasiyası sürətlənmişdir.
Möhtərəm cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyətini yüksək qiymətləndirən qədirbilən xalqımız ötən Prezident seçkilərində ona etimad göstərərək böyük səs çoxluğu ilə ikinci dəfə dövlət başçısı seçdi.
Hörmətli Məclis iştirakçıları! Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və ona əlavə edilmiş sənədlərin layihələri büdcə qanunvericiliyi ilə müəyyən olunmuş qayda və müddətdə Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim olunmuşdur. Xüsusi olaraq qeyd etməliyəm ki, 2009-cu ilin dövlət büdcəsi zərfi qloballaşan dünyada və maliyyə bazarlarında baş verən böhran səviyyəli sarsıntılar dövründə, neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin gözlənilmədən və sürətlə dəyişdiyi bir vaxtda tərtib olunmuşdur. Belə bir şəraitdə ölkə rəhbərliyi, müvafiq iqtisadi qurumlarımız növbəti ilin dövlət büdcəsini mövcud reallığı və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri, təmkinlilik prinsipini nəzərə almaqla, təhlükəsizlik buferi yaratmaqla mükəmməl hazırlamışlar.
Bu gün ulu öndərin neft strategiyası, ötən dövr ərzində onun reallaşan məqamları və əldə edilən maliyyə imkanları Azərbaycanı dünya iqtisadiyyatında baş vermiş və gələcəkdə gözlənilə bilən dağıdıcı iqtisadi və siyasi amillərdən etibarlı qoruyur. Bu mənada, dövlət büdcəsinin tərtibi zamanı neftin müəyyənləşdirilmiş qiyməti narahatçılıq yaratmamalıdır. Ölkəmizin valyuta ehtiyatları, o cümlədən Dövlət Neft Fondunda topladığımız maliyyə vəsaitləri bütün hallarda bizə lazımi manevr etmək imkanı verəcəkdir.
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və ona əlavə edilmiş sənədlərin layihələri Milli Məclisin bütün daimi komissiyalarında və Aparatın müvafiq şöbələrində diqqətlə öyrənilmiş, Hesablama Palatasının rəyi nəzərə alınmaqla daimi komissiyaların geniş iclaslarında müzakirə olunmuş və onun bugünkü müzakirəyə çıxarılması yekdilliklə tövsiyə edilmişdir. Qeyd etməliyəm ki, müzakirə zamanı millət vəkilləri təqdim olunmuş layihələri yüksək qiymətləndirməklə yanaşı, bir çox qeyd və təkliflərini də bildirmişlər. Hesab edirəm, plenar iclaslarda da millət vəkillərinin dəyərli təklifləri olacaq və nəticədə büdcə zərfi daha da təkmilləşdiriləcəkdir. Bu baxımdan millət vəkillərini müzakirələrdə fəal iştirak etməyə dəvət edirəm.
Hörmətli həmkarlar, fürsətdən istifadə edib, həm öz adımdan, həm də sizin adınızdan hörmətli Baş naziri və onun rəhbərlik etdiyi hökumətin üzvlərini yenidən təyin olunmaları münasibəti ilə təbrik edirəm, onlara gələcək işlərində uğurlar diləyirəm!
Hörmətli millət vəkilləri, indi isə iclasımızın aparılması qaydasını müəyyən eləməliyik. Bizdə uzun illərin təcrübəsi var. Etiraz eləməsəniz, əvvəlcə İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə büdcənin ümumi parametrləri haqqında məlumat versin, sonra müvafiq qurumların rəhbərləri çıxış edərlər. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanmış və Azərbaycanın milli maraqlarına, dinamik və keyfiyyətli inkişafına, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən inkişaf strategiyası artıq 5 ildir ki, İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Prezident seçkilərindən keçən 5 il ərzində Azərbaycanın sosial-iqtisadi həyatında baş verən irimiqyaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri dövründə respublikamızın iqtisadi qüdrəti daha da artmış, ölkəmiz qloballaşan dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.
Son 5 ildə ölkənin sürətli inkişafını təmin etmək məqsədi ilə milli maraqlara cavab verən investisiya siyasətinin təkmilləşməsi, real sektorun strukturunda keyfiyyət dəyişikliklərinin edilməsi, infrastruktur sahələrinin yenidən qurulması, iqtisadi inkişafın strateji resursu olan sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradılması, həyat səviyyəsinin müntəzəm olaraq yüksəldilməsi fundamental vəzifələr kimi müəyyənləşdirilmiş və onların reallaşması təmin edilmişdir.
5 il ərzində Azərbaycan iqtisadiyyatının keçdiyi yol özünün miqyası, əhəmiyyəti və yaratdığı nəticələrə görə ölkə tarixində əvəzedilməz dövr kimi qiymətləndirilə bilər. Son 5 ili Azərbaycanın bilavasitə təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli və irimiqyaslı infrastruktur layihələrinin dövrü kimi də xarakterizə etmək olar. Məhz belə bir inkişafın nəticəsidir ki, dünyanın ən nüfuzlu maliyyə təşkilatları Azərbaycanı ən islahatçı dövlət kimi tanıyırlar.
Onu göstərmək kifayətdir ki, 2003–2008-ci illərdə ölkənin ümumi daxili məhsulu 5,8 dəfə, valyuta ehtiyatları 10,9 dəfə, büdcə gəlirləri 8,6 dəfə, xərcləri 9 dəfə, adambaşına büdcə gəlirləri 8,2 dəfə, xərcləri 8,5 dəfə, əhalinin pul gəlirləri bir neçə dəfə artmışdır. Sosial-iqtisadi inkişafın kompleks təhlili onu sübut edir ki, Azərbaycan yaxın və uzaq gələcəyə hədəflənmiş və elmi cəhətdən əsaslandırılmış inkişaf strategiyasına malikdir.
Prezident İlham Əliyev qloballaşan dünya iqtisadiyyatında baş verən prosesləri, onların Azərbaycana təsirini obyektiv qiymətləndirmiş, dövlət və özəl sektor münasibətlərinin əsl partnyor, əməkdaşlıq münasibətlərinə çevrilməsi üçün sistemli tədbirlər həyata keçirmiş, ölkədə müəyyən edilmiş strateji kursun reallaşması üçün səmərəli icra mexanizmi yaratmışdır. Respublikada yeni iqtisadi sistemin daha da təkmilləşməsinə, inkişafına, davamlılığına, iqtisadiyyatın diversifikasiya edilməsinə xidmət edən qanunvericililik bazası yaradılmışdır. İqtisadi, siyasi, hüquqi və ümumiyyətlə, demokratik islahatlar qarşılıql və əlaqəli şəkildə həyata keçirilmiş, ölkənin iqtisadi qüdrətinin, maliyyə imkanlarının artdığı şəraitdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın yeni keyfiyyət mərhələsinə keçirilməsi təmin edilmişdir.
2003–2008-ci illərdə ölkə iqtisadiyyatının inkişaf dinamikası onu da deməyə əsas verir ki, ölkəmiz məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verən Azərbaycan modeli əsasında inkişaf edir. Prezident İlham Əliyev demişdir: “Biz çalışmalıyıq, əldə edilən nailiyyətlərlə kifayətlənməməliyik. Baxmayaraq ki, bu nailiyyətlər də çox böyükdür, ancaq biz irəliyə baxmalıyıq, gələcəyə baxmalıyıq. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün, Azərbaycanda bundan sonra da sabit inkişafı təmin etmək üçün, Azərbaycan xalqının bundan sonra da təhlükəsizlik şəraitində yaşaması üçün biz hər gün çalışmalıyıq. Bir daha demək istəyirəm ki, iqtisadi və siyasi islahatların paralel şəkildə aparılması bizə böyük uğurlar gətirib. Azərbaycanda çox böyük iqtisadi proqramların icrasına başlanmışdır. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, o sahə üçün konkret proqram olmasın. Hər bir istiqamətdə konkret iş cədvəli üzrə fəaliyyət göstəririk. Hər istiqamət üzrə konkret proqramlar, onların maddi təminatı, çox işlək icra mexanizmləri var. Bir sözlə, Azərbaycanın hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb”.
Hörmətli Ziyafət müəllim, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Komissiyalarda müzakirələr zamanı xüsusi olaraq vurğulandı ki, Azərbaycan hökuməti 2009-cu il dövlət büdcəsi layihəsinin məhz bu prinsiplər əsasında formalaşmasına nail olmuşdur. Burada hörmətli Ziyafət müəllim qeyd etdi, təbii ki, büdcənin hazırlanması prosesində qloballaşan dünyada baş verən proseslər ətraflı təhlil edilmiş, baş verən maliyyə böhranının ayrı-ayrı ölkələrə təsiri öyrənilmişdir. Həqiqətən, bu, tarixdə olmayan bir maliyyə böhranıdır, indiyə qədər dəymiş zərər artıq 11 trilyon dolları ötüb. Bu isə Çinin, Yaponiyanın, Almaniyanın il ərzində istehsal etdiyi ümumi daxili məhsula bərabərdir. Tənəzzülün səbəbləri haqqında çox danışmaq olar, ancaq əsas səbəb Amerika Birləşmiş Ştatlarında ipoteka kreditləşməsi sistemində böhranın yaranması və onun dalğasının digər ölkələrə keçməsidir. Zərər çəkmiş nəhəng Avropa, ABŞ banklarının itkiləri 100 milyard dollarlarla ölçülür. Bu rəqəmin 1 trilyona çatacağı da proqnozlaşdırılır.
Büdcə hazırlanarkən, təbii ki, dünya iqtisadiyyatında baş verən proseslər diqqətlə təhlil olunmuş, onların Azərbaycan iqtisadiyyatına bu və ya digər dərəcədə təsiri araşdırılmışdır. Məsələ ilə əlaqədar olaraq İlham Əliyevin dediyi sözləri xatırlatmaq istərdim. “Bu günlərdə dünyada yaşanan maliyyə böhranı da, demək olar ki, bir çox ölkənin iqtisadi potensialına zərbə vurubdur. Amma Azərbaycan özünü tam əmin hesab edir. Biz beynəlxalq xəbərləri izləyərkən görürük ki, dünyada nə qədər böyük narahatlıq var, bu narahatlığı həm dövlət və hökumət nümayəndələri, həm də adi vətəndaşlar ifadə edirlər. Həm də vətəndaşların əmanətləri artıq təhlükə altındadır. Bir neçə ən böyük maliyyə qurumları, demək olar ki, iflic vəziyyətinə düşüb. Bu böyük maliyyə qurumları artıq dövlət nəzarəti altından keçirlər. Yəni bütün bunlar narahatedici hadisələrdir. Amma biz düşünülmüş siyasət və yaradılan güclü iqtisadiyyatla özümüzü bu böhranlı vəziyyətdən qoruyuruq. Nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir. Bu, böyük nailiyyətdir və bir daha onu göstərir ki, bizim düşünülmüş iqtisadi siyasətimiz, risklərə çox ehtiyatlı yanaşmağımız ən düzgün siyasətdir”. Məhz belə bir siyasətin nəticəsidir ki, ölkənin maliyyə imkanları ildən-ilə genişlənir. Dövlət büdcə alətindən səmərəli istifadə edərək, müəyyən etdiyi cari və perspektiv vəzifələri həyata keçirir.
Bir neçə faktı nəzərinizə çatdırmaq istəyirəm. XXI əsrin cəmi 8 ili ərzində büdcənin gəlirləri 17 dəfə artmışdır. 2009-cu ildə dövlət büdcəsinin gəlirləri təxminən 12,1 milyard manat və ya 15,2 milyard dollar olacaqdır. 2000-ci ildə bu rəqəm 714 milyon, 2003-cü ildə isə 1,2 milyard manat olmuşdur. Gələn il artım 16,1 faiz olacaqdır. Mütləq mənada bu artım 2001-2002-ci illərdəki dövlət büdcəsinin birlikdəki həcmi qədərdir. Büdcəyə daxilolmalar vergilər, gömrük xidmətləri və sair mənbələr hesabına təmin edilir.
Mən istərdim, dövlət büdcəsinin gəlirlərini təmin edən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və sair daxilolmalar haqqında qısaca məlumat verim. Milli Məclisə təqdim edilmiş büdcə layihəsində verilən materiallar bir daha sübut edir ki, vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilən dəyişikliklər və vergi intizamının möhkəmləndirilməsi nəticəsində Azərbaycanın maliyyə imkanları ildən-ilə genişlənir. Təkcə onu göstərmək kifayətdir ki, Vergilər Nazirliyi tərəfindən son 5 ildə büdcə daxilolmaları 6,6 dəfə artmışdır. Onun ümumi daxili məhsula nisbəti 11,4 faizdən 13,2 faizə qalxmışdır. Bu meyil özünü 2009-cu ilin büdcəsində də göstərir. 2009-cu il dövlət büdcəsinin gəlirlər hissəsinin 48 faizini vergi daxilolmaları təşkil edir. Nisbi kəmiyyət azalsa da, mütləq kəmiyyət baxımından bu, 5,8 milyard manat olmaqla çox böyük bir rəqəmdir. Vergi daxilolmalarının xüsusi çəkisinin azalması isə, şübhəsiz ki, Dövlət Neft Fondundan ayırmalarla əlaqədardır.
Onu da vurğulamağı vacib sayıram ki, son 5 il ərzində Vergilər Nazirliyi tərəfindən büdcəyə daxil olan qeyri-neft gəlirlərinin 7,8 dəfə artması təmin edilmişdir ki, bu da orta daxilolma göstəricisindən yüksəkdir. Əlbəttə, belə bir dinamika ilk növbədə ölkədə aparılan islahatların, vergi sisteminin formalaşması və daim təkmilləşməsinin məntiqi nəticəsidir. Son iki ildə biz sizinlə birlikdə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər etdik. Vahid pəncərə sisteminin tətbiqi, əlavə dəyər vergisi sisteminin təkmilləşməsi ilə əlaqədar edilən dəyişikliklər müsbət nəticəsini verib. Yəqin ki, yaxın vaxtlarda biz Vergi Məcəlləsinə yenidən baxmalıyıq, bir sıra dəyişikliklər etməliyik. Bu, heç şübhəsiz ki, əlavə dəyər vergisinin və mənfəət vergisinin dərəcələrinin nə dərəcədə dəyişməsi ilə əlaqədar olacaqdır. Lakin mən iqtisadçı kimi qeyd etmək istərdim ki, hər bir dəyişikliyi edəndə gərək araşdırmalar aparaq. Biz bu dəyişikliklər nəticəsində baş verəcək itkilər və onların kompensasiya məsələlərini tapmalıyıq. Eyni zamanda, biz vergi bazasını genişləndirməklə, potensial gəlirlərin büdcəyə təmin edilməsi əmsalını yüksəltməklə gələcəkdə Azərbaycanın maliyyə imkanlarını daha da artırmağa nail ola bilərik.
Artıq bir neçə ildir ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında heç bir ciddi problem yaranmır. Bu, həqiqətən, tarixi nailiyyətdir. Gömrük və Vergi məcəllələrinin, “Büdcə sistemi haqqında”, “Bank fəaliyyəti haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” və sair qanunların qəbul edilməsi, Prezidentin sərəncam və fərmanları, ölkənin iqtisadi inkişafı azad bazar münasibətlərinin formalaşması üçün güclü zəmin yaratmışdır.
Ölkənin iqtisadi maraqları və təhlükəsizliyi baxımından son illərdə gömrük sistemində də keyfiyyət dəyişiklikləri baş verir. Bu istiqamətdə görülən işlərin məntiqi nəticəsidir ki, büdcə gəlirlərinin formalaşmasında gömrük sisteminin rolu artıq 17 faiz təşkil edir. Komissiyalar belə hesab edirlər ki, yerli istehsalçıların maraqları və istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması nəzərə alınmaqla gömrük rüsumlarının dərəcələrinin çevik tənzimlənməsi davam etdirilməlidir. Bu da vurğulandı ki, malların idxalı zamanı gömrük siyasətinin ən vacib istiqamətlərindən biri xammal və investisiya yönümlü mallara daha əlverişli şəraitin yaradılması və milli istehsalçılara mənfi təsirin azaldılması ön plana çəkilməlidir.
Yeri gəlmişkən, bir faktı da qeyd etmək istərdim. Dünya ekspertləri hal-hazırda davam edən dünya böhranının aradan qaldırılması səbəbləri kimi, Ümumdünya Ticarət Təşkilatı çərçivəsində beynəlxalq ticarətin stimullaşdırılmasını göstərirlər. Eyni zamanda, bu faktdır ki, Dohada keçirilən danışıqlarda ticarətin həcminin artırılmasına nail olunmadı. Ümid edilirdi ki, inkişaf etmiş ölkələr idxal tariflərini azaldacaq və kənd təsərrüfatının subsidiyalaşdırılmasını məhdudlaşdıracaqlar, inkişaf etməkdə olan ölkələr isə öz növbəsində sənaye məhsullarının idxalı tariflərini aşağı salacaqlar. Bu yaxınlarda Fransanın kənd təsərrüfatı naziri bəyan etdi ki, Avropa Birliyinin 27 ölkəsindən 20-si ÜTT-nin ekspertlərinin danışıqlarındakı ticarətin liberallaşdırılması məsələsini, qapıların tam açılmasını rədd ediblər. Səbəb isə bunun nəticəsində Avropa fermerlərinə dəyən ziyan göstərilir.
Mən bu faktı təsadüfi qeyd etmirəm. Hesab edirəm ki, bu gün dövlət başçısının Azərbaycanın milli maraqları baxımından aqrar sektorunun stimullaşdırılması istiqamətində atdığı addımlar, şübhəsiz ki, yaxın vaxtlarda müsbət təsirini göstərəcəkdir. Ona görə də həm iqtisadiyyatımızı açıq elan etməliyik, həm də onu ilk növbədə milli maraqlar baxımından tənzimləməliyik.
Dövlət büdcəsi layihəsində yerli büdcə gəlirləri haqqında da ətraflı məlumat verilir. Sevindirici hal ondan ibarətdir ki, son illərdə regionların inkişafı ilə əlaqədar görülən tədbirlər nəticəsində yerlərdə formalaşan büdcə gəlirlərinin xüsusi çəkisi artmağa meyl edir. Bu da onu göstərir ki, mərkəzləşdirilmiş büdcə xərclərindən yerlərə ayrılan vəsaitin xüsusi çəkisinin 4,9 faizinin aşağı salınmasına nail olunmuşdur.
Daha sonra, büdcə daxil olmalarında bir sıra “sair daxilolmalar” və özəlləşdirmədən daxil olan vəsaitlər də göstərilib. Millət vəkilləri onu da qeyd etdilər ki, “sair daxilolmalar” və özəlləşdirmədən daxil olan vəsaitlərin ildən-ilə artması müsbət haldır. Həm də onu da qiymətləndiririk ki, artıq özəlləşdirilmiş bir sıra müəssisələrin fəaliyyətində canlanma halları müşahidə olunur ki, bütün bunlar da ölkə iqtisadiyyatının müsbət inkişafına səbəb olur.
Burada hörmətli Ziyafət müəllim çox vacib bir məsələyə toxundu. Bu, dünyada neftin qiymətinin dəyişməsinin dövlət büdcəsinə və iqtisadiyyata təsiri məsələsidir. Bu hamını maraqlandırır. Təbii ki, Milli Məclisin bütün daimi komissiyalarında bu məsələ müzakirə obyekti olub. Bu da təbiidir, ona görə ki, Azərbaycan neft ölkəsi kimi böyük imkanlara malikdir və büdcənin formalaşmasında neftdən daxil olan gəlirlər mühüm əhəmiyyət kəsb edir. Bu məsələyə obyektiv münasibət də bildirildi. Subyektiv baxışlar da oldu.
Mən bir neçə faktı sizin nəzərinizə çatdırmaq istəyirəm. Son yeddi ildə neftin bir barelinin qiymətinin dəyişməsi meyli bizim üçün uğurlu olmuşdur. 2002-ci ildə bir barel neftin qiyməti 25,7, 2007-ci ildə 71 dollar olmuşdur, 2008-ci ildə isə hesablamalara görə orta hesabla 100 dollardan artıq olacaqdır. 2009-cu il büdcəsinin proqnozlarında neftin qiyməti yenə də 70 dollar müəyyən edilmişdir ki, bu da hesab edirik, hökumətin düzgün və düşünülmüş addımıdır. Bizim kifayət qədər valyuta ehtiyatlarımız, imkanlarımız var ki, Azərbaycanın indiyə qədər həll edilməmiş problemlərini həll edək. Ona görə bu gün pessimist proqnozlar vermək bizə əl verməz.
Eyni zamanda, demək istəyirəm ki, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi müxtəlif variantlar hazırlayıblar. Biz nəzərdə tutulmuş iqtisadi və sosial proqramları reallaşdırmalıyıq. Əgər bizim neft fondumuz olmasaydı, məcbur qalacaqdıq ki, xərcləri azaldaq və bununla da inkişafımızı ləngidək. Bu gün şərait tamamilə başqadır. Ona görə mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan hökumətinin reallığı, Azərbaycanın yaxın və uzaq inkişaf strategiyasını nəzərə alaraq, neftin qiymətini 70 dollar müəyyən etməsi heç bir təhlükə törətmir, çünki müxtəlif variantda – 50-də də, 60-da da, 65-də də gəlirlərimizin miqdarı barədə, yəqin ki, əlavə materiallar alacağıq.
Mən demək istəyirəm ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən ixrac olunan neftin 2008-ci il yanvar-sentyabr ayları üzrə orta ixrac qiyməti aşağıdakı kimi olmuşdur: I rüb 96 dollar 50 sent, II rüb 122 dollar 80 sent, III rüb 116 dollar. 9 ay üzrə orta ixrac qiyməti 111 dollardır. Yəni qalan üç ayda da neftin qiyməti indiki səviyyədə davam etsə, neft gəlirləri xeyli artıq miqdarda büdcəyə, ölkə xəzinəsinə daxil olacaqdır. Bir daha deyirəm ki, hökumətin mövqeyi bu baxımdan düzgündür.
Dövlət büdcəsinin mühüm hissəsini onun xərcləri təşkil edir. Büdcə xərcləri əvvəlki illə müqayisədə 11,7 faiz artacaq. Az da olsa, bu, reallığı, obyektivliyi nəzərə alan artımdır. Bir faktı qeyd edək. 2007–2008-ci illərdə büdcənin əsaslı xərcləri 10,8 milyard manat və yaxud 13,4 milyard dollar təşkil edib. Təbii ki, bu, böyük yükdür. Tikinti ilə məşğul olan, infrastruktur layihələrini həyata keçirən insanlar, mühəndislər, mütəxəssislər, hökumət strukturları bilirlər ki, bu nə qədər böyük, ağır, eyni zamanda, şərəfli bir yükdür. Ona görə onun idarə olunması, səmərəliyin təmin edilməsi asan məsələ deyildir. Başlanmış işlər tamamlanmalıdır, yeni layihələr ətraflı ekspertiza edilməlidir. İlk növbədə həlli vacib olan məsələlər, problemlər ön plana çəkilməlidir.
Komissiyaların birgə iclasında bildirildi ki, Azərbaycan hökuməti dövlət büdcəsi xərclərinin əsas istiqamətlərini düzgün müəyyənləşdirmişdir. Hörmətli Elman müəllim müzakirə zamanı dedi ki, xərclərin belə artması, həqiqətən, Azərbaycan reallıqlarına, Azərbaycan iqtisadiyyatının davamlılığına və onun səmərəlilik göstəricilərinin yaxşılaşmasına xidmət edir. Mən deyərdim ki, Azərbaycan maliyyə sisteminin son illərdə əldə etdiyi uğurlardan biri büdcənin ümumi daxili məhsulda xüsusi çəkisidir. Ümumi daxili məhsulda büdcənin 14, 15 faizi ilə biz böyük inkişaf əldə edə bilmərik. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycanın dövlət büdcəsinin ümumi daxili məhsulda xüsusi çəkisi 28 faizdir. Xərclər üzrə 28,3 faiz təşkil edəcəkdir. Mən bir iqtisadçı kimi qeyd etmək istəyərdim ki, bu, həqiqətən, son illərdə Azərbaycan hökumətinin, Azərbaycanın iqtisadi və maliyyə strukturlarının bank sisteminin formalaşması, güclənməsi istiqamətində atdığı, həyata keçirdiyi ən cəsarətli addımlardan biridir. Bundan sonra biz bunun aşağı düşməsinə gedə bilməyəcəyik, çünki artıq yeni müəssisələr yaradılır, büdcədən maliyyələşən təşkilatların sayı artır, səhiyyə ocaqları tikilir, səhiyyənin maddi-texniki bazası möhkəmlənir, gənc kadrlar hazırlanır, məktəb tikintisi genişləndirilir. Bu və digər amillər həmin rəqəmin gələcəkdə müəyyən optimal səviyyədə artmasına imkan verəcəkdir. Mən hesab edirəm ki, 2009-cu ilin büdcəsini fərqləndirən ən müsbət cəhətlərdən biri də məhz budur.
Dövlət büdcəsində sosial sahə bloku çox xüsusi yer tutur. Burada, həqiqətən, nəhəng işlər nəzərdə tutulmuşdur. Dövlət başçısının prinsipial göstərişləri büdcənin formalaşması zamanı nəzərə alınmışdır. İlham Əliyev demişdir: “Biz böyük, nəhəng infrastruktur layihələri həyata keçirməliyik, insanların həyat səviyyəsini yaxşılaşdırmalıyıq, maaşlar artmalıdır, pensiyalar artmalıdır. Minimum əmək haqqı, minimum pensiya, dövlətdən maliyyələşən bütün kateqoriyalı insanların əmək haqları qaldırılacaqdır”. Bax bu prinsipial mövqe strateji xətt kimi dövlət büdcəsinin 2009-cu il üzrə müəyyən edilmiş layihəsində nəzərdə tutulmuşdur. 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 6300 dollar olacaqdır. Bu, çox böyük rəqəmdir, nəzərə alsaq ki, 2003-cü ildə bu rəqəm 897 dollar idi. Adambaşına düşən ümumi daxili məhsulun artması ilə bərabər, biz paralel şəkildə saydığım sosial göstəricilərin də yaxşılaşmasına nail olmalıyıq və bu istiqamətdə də 2009-cu ilin büdcəsində xeyli konkret tədbirlər nəzərdə tutulmuşdur.
Təkcə onu göstərmək kifayətdir ki, dövlət büdcəsinin müdafiə olunan maddələr üzrə xərcləri 24,5 faiz artacaqdır. Halbuki xərclərimiz 11 faiz, gəlirlərimiz 16 faiz artacaq. Bu nə deməkdir? Yəni iqtisadi inkişaf yüksəldikcə, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər də genişlənir. Təbii ki, belə bir büdcə Azərbaycanın dayanıqlı, sabit inkişafı üçün çox real perspektivlər açır. Eyni zamanda, komissiyalarda haqlı olaraq göstərildi ki, yaşayış minimumu, ehtiyac meyarı, pensiyaların baza hissəsi, pensiyaların müəyyən edilməsində olan o dəyişiklikləri daha da sürətləndirmək lazımdır. Yəni bu gün Azərbaycan xalqı yaranmış iqtisadi potensialdan səmərəli istifadə etməli, daha keyfiyyətli yaşayış səviyyəsinə nail olmalıdır.
Dövlət büdcəsində ipoteka üçün 16 milyon manat nəzərdə tutulmuşdur. Yəqin ki, millət vəkilləri bu barədə öz fikirlərini deyəcəklər, amma bu gün Azərbaycan hökuməti, Maliyyə Nazirliyi reallığı nəzərə alaraq bu rəqəmi müəyyən edib. Təbii ki, buna müəyyən çərçivə daxilində yenidən baxmaq olar. Amma komissiyalarda bu, vurğulandı. Son illərdə Azərbaycanda ipoteka kreditlərinin mexanizminin inkişafı üçün xeyli iş görülüb. İpoteka təsisatı yaradılıb, dünya təcrübəsi öyrənilib. İndiyə qədər 80 milyon manata qədər ipoteka krediti verilib. Alanların orta yaşı təxminən 32-33-dür. Sosial kredit də, sosial ipoteka da genişlənib. Mən hesab eləyirəm ki, burada da hökumətin düşünülmüş siyasəti var. Ola bilər ki, hökumət yenidən bu rəqəmlərə baxsın. Amma bütövlükdə Azərbaycan bazarına pul kütləsinin optimal səviyyədə nizamlanması üçün imkanlar var. Mən hesab eləyirəm ki, Maliyyə Nazirliyinin, Milli Bankın bu sahədə gördüyü işlər təqdirəlayiqdir.
Son beş il ərzində elm, təhsil, səhiyyə və mədəniyyət sahəsində hökumətin həyata keçirdiyi tədbirlər yüksək nəticələrin əldə olunmasına imkan vermişdir. Hörmətli Samir müəllim yəqin ki, bu sahələrə ayrılan vəsait barədə konkret məlumat verəcək. Ancaq mən onu deyə bilərəm ki, bütövlükdə 2009-cu ilin büdcəsi Azərbaycanda bu sahələrin inkişafı üçün yaranmış potensialı daha da gücləndirəcəkdir. Təhsil xərcləri ümumi büdcə xərclərinin 13,2, səhiyyə xərcləri 5,2 faizini təşkil edəcək. Ümumiyyətlə, sevindirici haldır ki, büdcədə bu iki sahənin xüsusi çəkisi artmağa meyl edir. Bu da onun məntiqi nəticəsidir ki, Azərbaycanda iqtisadi islahatların keyfiyyətli inkişafı təmin olunur. Vaxt var idi ki, təhsilə, səhiyyəyə ayrılan xərclərin xüsusi çəkisi yüksək idi. Amma bütün büdcənin tərkibində müdafiə olunan xərclər 90 faiz idi, investisiya xərclərimiz yox idi. Yəni mən bunu ona görə deyirəm ki, bəzi ekspertlər, mütəxəssislər bu dinamikanı nəzərə almadan birdən-birə deyirlər ki, filan sahənin xüsusi çəkisi azalıb və yaxud artıb.
Respublikada ümumi təhsil məktəblərinin İnformasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı üçün əvvəlki illərə nisbətən daha çox vəsait ayrılmışdır. Mən təhsil proqramı haqqında geniş danışmaq istəmirəm, bu barədə hörmətli nazirimiz Misir müəllim, digər hörmətli qonaqlar və millət vəkilləri danışacaqlar. Amma bir məsələni demək istəyirəm və biz bu barədə indidən düşünməliyik. Azərbaycan hökuməti dövlət başçısının tapşırıqlarını nəzərə alaraq ucqar kəndlərdə təhsilin kadrlarla təmin edilməsini çox vacib bir məsələ kimi qarşıya qoymuşdur və bu istiqamətə ayrılan vəsaitin 50 faiz...
Sədrlik edən. Ziyad müəllim, üzr istəyirəm, Sizə əlavə nə qədər vaxt lazımdır?
Z. Səmədzadə. 6-7 dəqiqə.
Sədrlik edən. Mümkünsə, yekunlaşdıraq, çünki məruzəçilərimiz çoxdur.
Z. Səmədzadə. Bilirsiniz, büdcə o qədər geniş bir məsələdir ki, mən 11 komissiyanın adından...
Sədrlik edən. Artıq 25 dəqiqə gedib. Xahiş edirəm, mümkünsə, yekunlaşdırın.
Z. Səmədzadə. Mən xahiş eləyirəm, bir məsələni deməliyəm. Mən də 30 ilə yaxındır Milli Elmlər Akademiyasının üzvüyəm. Bu il elmə ayrılan xərclər, həqiqətən, təqdirəlayiqdir. 110 milyon manat. Əvvəlki illərə nisbətən xeyli çoxdur. 10 milyon manat ancaq avadanlıq üçün ayrılıb. Elmin inkişaf proqramı hazırlanıb. Amma etiraf etməliyik ki, biz bu vəsaitdən səmərəli istifadə edə, konkret layihələrlə Azərbaycan iqtisadiyyatının inkişafına kömək edə bilərik. Məqsədli proqramlar bölməsində alimlərimiz tərəfindən təqdim olunan işlərin az olması, təbii ki, Milli Elmlər Akademiyasının üzvü kimi məni də təəssüfləndirir. Amma, eyni zamanda, bildirmək istəyirəm ki, hökumətin – Maliyyə Nazirliyinin və İqtisadi İnkişaf Nazirliyinin bu istiqamətdə apardığı işi dəstəkləyirəm, müdafiə edirəm.
Mən Azərbaycanda infrastruktur layihələrinin qurulması istiqamətində görülən iş barədə bir neçə kəlmə qeyd etmək istəyirəm. Bu gün Azərbaycanın nəqliyyat sektoru yenidən qurulur. Biz dünyəvi standartlara malik olan infrastruktur layihələri həyata keçiririk. Əgər biz bunu etməsəydik, gələcək nəsillər bizi bağışlamazdı. Çünki gələcəkdə bizim innovasiyalı iqtisadiyyatımızın qurulması üçün belə imkanlar olmayacaq. Ona görə biz bu məsələləri inkişaf etdiririk. Komissiyaların iclasında da bildirildi ki, nəqliyyat kompleksinin yenidən qurulması, xüsusi büdcə fondunun yaradılması, informasiya texnologiyalarına ayrılan vəsaitin artırılması, cənab Prezidentin sərəncamı ilə kosmos sənayesinin yaradılması Azərbaycan tarixində yeni məsələlərdir və bu istiqamətdə də dövlət büdcəsində kifayət qədər maliyyələşmə mənbələri ayrılıbdır.
Digər bloklardan biri də aqrar sektordur. Mən bu barədə geniş danışmayacam. Komissiyanın sədri hörmətli Eldar müəllim aqrar sektor haqqında məlumat verəcək. Ancaq mən bir daha bildirmək istəyirəm ki, Azərbaycan xalqının gələcəyi, onun genofondunun qorunması, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından hökumətin bu il atdığı addımlar təqdirəlayiqdir. Aqrar sektorun inkişafına 400 milyondan çox vəsait ayrılmışdır və eyni zamanda, vergi güzəştləri də uzadılacaq. Bütövlükdə yaranmış şərait, Prezidentin verdiyi sərəncamlar aqrar sektorun dayanaqlı inkişafı üçün yeni imkanlar açıb.
Mən bank sektoru haqqında bir neçə kəlmə demək istəyirəm. Milli Bankın rəhbəri Elman müəllim burada iştirak eləyir. Bank sektoru ilə dövlət büdcəsi arasında əlaqə möhkəmlənir. Azərbaycanda sahibkarlığın inkişafı üçün kreditlər verilir. Dövlət büdcəsində 100 milyon manata qədər kreditin verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, dövlət büdcəsinin təhlili prosesində bank sektorunun aktivliyinin artması özünü göstərir. Yəqin ki, hamını narahat edən məsələlərdən biri inflyasiyadır. Büdcə layihəsində inflyasiyanın azaldılması göstərilir. Hesab edirəm ki, bu rəqəm ətrafında da müzakirə aparmaq olar. Ancaq bir həqiqət var ki, inflyasiyanı müəyyən şərtlər daxilində idarə etmək imkanları ildən-ilə artır. Ölkənin iqtisadi səviyyəsi, idarəetmə mədəniyyəti yüksəldikcə, maliyyə resurslarından istifadə olunmasında şəffaflıq artdıqca və dövlət nəzarəti kifayət qədər olduqda inflyasiyanı idarə etmək mümkündür. Hər halda onu müəyyən həddə qədər endirmək olar.
Azərbaycan iqtisadiyyatı üçün yeni bir problem yaranır. Bu, valyuta ehtiyatlarının idarə olunması məsələsidir. Mən çıxışımın sonunda bildirmək istəyirəm ki, dövlət borcunun məbləği Azərbaycanın milli maraqları baxımından kifayətdir, 5 faiz təşkil edir. Alınan kreditlərin vaxtında qaytarılması mexanizmi var. Azərbaycan dövləti, Azərbaycan hökuməti büdcənin dövlət borcuna idarə edilməsinə kifayət qədər diqqət verir və indiyə qədər heç bir problem yaranmamışdır.
Ümumiləşdirərək qeyd etmək istəyərdim ki, – bayaq hörmətli Ziyafət müəllim də dedi, komissiyalarda da bu vurğulandı – 2009-cu ilin dövlət büdcəsi ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, milli iqtisadiyyatın inkişaf etdirilməsinə, sosial problemlərin həllinə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, ümumiyyətlə, dövlətin vacib funksiyalarının həll edilməsinə yönəldilmişdir. Mən burada Maliyyə Nazirliyinin xüsusi rolunu qeyd etmək istəyərdim. Görüşlər, müzakirələr zamanı onların professional söhbətləri, həqiqətən, hamımızın ürəyincədir. Çünki büdcə və bank sistemi bu gün professional şəkildə idarə olunur.
Bununla da çıxışımı yekunlaşdırıram və millət vəkillərinə demək istəyirəm ki, yəqin, müzakirələr zamanı çoxlu məsələlər ortaya çıxacaq. Mən dedim, koordinasiya işinin təkmilləşməsi, əlaqələrin yüksəlməsi, dünya monitorinqlərinin aparılması kimi məsələlər haqqında fikir mübadiləsi ediləcəkdir. Amma komissiyaların yekdil rəyi ondan ibarətdir ki, 2009-cu il dövlət büdcəsinin layihəsi Milli Məclis tərəfindən qəbul edilsə, heç şübhəsiz ki, biz qazanarıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Növbəti məruzəçilərdən çox xahiş edirəm, reqlamenti nəzərə alaq. Maliyyə naziri Samir Şərifova söz verilir. Buyurun, Samir müəllim.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2009-cu il dövlət və icmal büdcələrinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmişdir. 2009-cu il dövlət büdcəsinin layihəsi Milli Məclisin daimi komissiyalarında ətraflı müzakirə olunmuş və Milli Məclisin müzakirəsinə çıxarılması təklif olunmuşdur. Milli Məclisin bugünkü geniş iclasında büdcə layihələrinin müzakirəsində iştirak etmək, onları əsaslandırmaq və sual doğuran məsələlərə aydınlıq gətirmək üçün dəvətə görə, hörmətli sədarət, sizə minnətdarlığımı bildirirəm.
Hörmətli millət vəkilləri, müzakirənizə təqdim olunmuş 2009-cu il dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son beş il ərzində ölkəmizdə həyata keçirilmiş uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri nəzərə alınmaqla növbəti illərdə də davamlı iqtisadi artım üçün müvafiq kəmiyyət və keyfiyyət təminatını yaradır. 2009-cu il dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə, iqtisadiyyatın, xüsusilə onun qeyri-neft sektorunun və regionların tarazlı inkişafının, dövlətin təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin təmin edilməsi, müdafiə potensialının artırılması üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş dövlət proqramlarına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
Layihə tərtib edilərkən ölkəmizin mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər nəzərdən keçirilmiş, o cümlədən dünya maliyyə bazarlarında böhran vəziyyəti ilə əlaqədar aparıcı iqtisadi güc mərkəzləri olan ölkələrdə iqtisadiyyatın tənəzzül dövrünə qədəm qoyması kimi amillərin Azərbaycanın iqtisadiyyatına yarada biləcək mənfi təsirlərinin neytrallaşdırılması təhlil edilmişdir. Tənəzzülün inkişaf etmiş ölkələrdə dərinləşməsi, inkişafda olan ölkələrə keçərək yayılması qlobal iqtisadiyyatda tənəzzül meyillərinin bir müddət də güclənməsi və genişlənməsinə dəlalət edir. Bu xarici mühit nəzərə alınmaqla 2009-cu il dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neftin dünya bazarlarında qiymətinin kəskin enməsinin təsiri qiymətləndirilmiş, dövlət və icmal büdcələrin xərclərinin artırılmasına isə daha mühafizəkar yanaşılmışdır.
Bununla əlaqədar 2009-cu ildə dövlət və icmal büdcələrinin xərclərinin artım sürəti 2007-ci və 2008-ci illər üçün büdcələrin artım sürətindən nisbətən az proqnozlaşdırılmışdır. Bununla yanaşı, dövlət büdcəsi layihəsinin tərtibi zamanı cari ilin sonuna dövlət büdcəsinin gəlir və xərclərinin gözlənilən icrası və 2009-cu ildə ölkəmizin əsas makroiqtisadi göstəricilərinin kifayət qədər yüksək artım sürəti əsas götürülmüşdür.
2009-cu ilin dövlət büdcəsi üçün müəyyən edilmiş büdcə vergi siyasəti ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq orta və uzun müddətli perspektivdə büdcəyə əlavə daxilolma mənbələrinin müəyyən edilməsini, əhalinin maddi rifah halının yaxşılaşdırılmasını, gəlirlərin və məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılmasını, ölkə regionlarının davamlı inkişafını və digər dövlət tədbirləri üçün maliyyə imkanlarının yaradılmasını özündə əks etdirir. Ortamüddətli dövrdə ölkədə istehsalın genişləndirilməsi, rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılması, vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi, mərhələlərlə xərclərin orta və uzun müddətli dövrləri əhatə edən proqramlar əsasında proqnozlaşdırılmasının davam etdirilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdəndir. 2008-ci il dövlət büdcəsinin dəqiqləşdirilməsi və 2007-ci il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı hörmətli millət vəkilləri və Hesablama Palatasının ölkənin iqtisadi həyatı üçün əhəmiyyət kəsb edən təklif və tövsiyələri öyrənilmiş, onların bir çoxu 2009-cu ilin büdcə layihəsində nəzərə alınmışdır.
Hörmətli millət vəkilləri, 2008-ci il dövlətimizin siyasi və iqtisadi qüdrətinin artması, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsi, xalqın rifah halının yaxşılaşdırılması, iqtisadi təhlükəsizliyin möhkəmlənməsi, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həyata keçirilmiş işlərin və əldə edilmiş nailiyyətlərin həcmi baxımından ölkəmizin müasir tarixinə olduqca uğurlu və zəngin bir il kimi daxil olmaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülmüş iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyasının ardıcıllıqla həyata keçirilməsi nəticəsində dövlətimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, regionların tarazlı inkişafı, yeni iş yerlərinin açılması, yoxsulluğun səviyyəsinin azaldılması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi təmin edilmiş, dünya iqtisadi sisteminə inteqrasiyanın daha da dərinləşməsinə yönəlmiş irimiqyaslı proqram və transmilli layihələrin uğurla həyata keçirilməsi istiqamətində yüksək nailiyyətlərə imza atılmışdır. Qeyd olunan nailiyyətləri layiqincə qiymətləndirən Azərbaycan xalqı cari ilin oktyabr ayının 15-də bir daha özünün müdrik və düzgün seçimini etmiş, növbəti 5 ildə də ölkəmizin uğurlu inkişafının təminatını möhtərəm İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kürsüsündə qalmasında görmüşdür.
Hörmətli millət vəkilləri, 2009-cu ili Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olacaq il kimi qiymətləndirmək olar. Yeni sosial-iqtisadi mərhələyə uyğun büdcə-vergi siyasəti makroiqtisadi sabitliyi qoruyub saxlamaq, investisiya fəallığının davam etdirilməsini təmin etməklə maliyyə ehtiyatlarından istifadənin səmərəliyini artırmaq, ortamüddətli dövrdə inflyasiyanı birrəqəmli həddə çatdırmaq və həyata keçirilən islahatların sosial əhəmiyyətini daha da artırmaq kimi əsas vəzifələri özündə birləşdirib. 2009-cu il və sonrakı 3 il üçün sosial-iqtisadi inkişaf proqnozuna uyğun olaraq milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, ölkəmizin uzunmüddətli, dayanıqlı sosial-iqtisadi inkişafı üçün münbit maliyyə təminatı və ehtiyatların yaradılması büdcə-vergi siyasətinin əsas hədəfi kimi qəbul edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın daha da gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkənin hər bir regionunun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və regionların inkişafının tarazlaşdırılması, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığa dəstək verilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri aid etmək olar. 2009-cu ildə əhalinin gəlirlərinin 22,8 milyard manata çatacağı və 22,5 faiz səviyyəsində artımı gözlənilir. Orta aylıq əmək haqqının 26 faiz artaraq 350 manat səviyyəsinə çatacağı nəzərdə tutulub.
Son dövrlərdə dünya bazarlarında insanların gündəlik həyatına əhəmiyyətli təsir göstərən ərzaq məhsullarının qiymətinin qısa zaman kəsiyində kəskin şəkildə dəyişməsi inteqrasiya prosesi zamanı ölkənin makroiqtisadi sabitliyinin saxlanması üçün aparılan fiskal siyasətin son dərəcə ehtiyatlı və incə olması zərurətini qabarıq formada nümayiş etdirdi. Ölkədə müşahidə olunan inflyasiya idxalı, ölkə ixracında karbohidrogenlərin payının kifayət qədər yüksək olması, eyni zamanda, ölkə daxilində həyata keçirilən geniş miqyaslı investisiya layihələrinin mövcudluğu növbəti dövr üçün fiskal siyasətdə keyfiyyətli dəyişikliklərin aparılmasını zəruri edir. Belə ki, ötən dövr ərzində büdcənin sürətli artımı və onun keyfiyyətcə dəyişməsi ölkə büdcəsinin səviyyəsini Şərqi Avropa ölkələri və MDB-nin qabaqcıl ölkələrinin səviyyəsinə, habelə sosial büdcə vəziyyətindən sosial-iqtisadi inkişaf büdcəsi səviyyəsinə çatdırdı.
Büdcə xərclərinin mövcud bazasının iqtisadi inkişaf səviyyəsinə görə müqayisəyə gələcək ölkələrin səviyyəsində olduğunu nəzərə alaraq, növbəti illərdə, o cümlədən 2009-cu ildə büdcə xərclərinin qeyri-neft ümumi daxili məhsulunun artım səviyyəsindən çox olmayan həcmdə artırılması nəzərdə tutulur ki, bu da inkişaf etmiş ölkələrin büdcə xərclərinin artım səviyyəsindən xeyli yüksəkdir. Bu artım tempi başlanmış irihəcmli investisiya layihələrinin qısa müddət ərzində başa çatdırılması, əhalinin sosial müdafiəsi üzrə tədbirlərin daha da genişləndirilməsi və digər mühüm əhəmiyyətli vəzifələrin uğurla yerinə yetirilməsi ilə yanaşı, həm də makroiqtisadi sabitliyin təmin olunmasına, ilk növbədə istehlak qiymətləri indeksinin əhəmiyyətli dərəcədə cilovlanmasına şərait yaradır.
Milli neft strategiyasının uğurlu həyata keçirilməsi kontekstində dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorundan əldə edilən gəlirlərin xüsusi çəkisinin yüksək olması məntiqi qəbul olunsa da, 2009-cu il dövlət büdcəsi gəlirlərinin strukturunun tarazlaşdırılmasına, yəni qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artmasına mühüm əhəmiyyət verilmişdir. 2009-cu ildə gəlirlərin nəzərdə tutulan artımı ilk növbədə vasitəli vergilərin yığılmasında inzibatçılığın daha da gücləndirilməsi hesabına olacaqdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi qayğının məntiqi nəticəsi kimi, regionlarda iqtisadiyyatın nəzərəçarpacaq inkişafına, vergi potensialının xeyli artmasına nail olunmuşdur. Məhz bu artım nəzərə alınmaqla 2009-cu ildə Bakı şəhəri istisna olmaqla digər şəhər və rayonlarda vergi gəlirlərinin artım səviyyəsi dövlət büdcəsi gəlirlərinin orta artım səviyyəsindən xeyli yüksək proqnozlaşdırılmışdır.
2009-cu il üçün büdcə xərcləri investisiya və sosial yönümlü olmaqla ölkə Prezidentinin müəyyən etdiyi sosial-iqtisadi kursun əsas prioritetlərini özündə əks etdirir. Bu prioritetlər iqtisadi və sosial islahatlara dəstək, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün tələb olunan maliyyə ehtiyatlarının yaradılması, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin, enerji, ərzaq, nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üzrə maliyyə təminatından və digər tədbirlərdən ibarət olacaqdır. 2009-cu ildə ölkənin müəyyən edilmiş strateji iqtisadi xəttinə uyğun olaraq sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyət kəsb edən minimum əmək haqqının, yaşa görə əmək pensiyalarının baza hissəsinin, sosial müavinətlərin və sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin stabil maliyyələşdirilməsi, pensiyaların baza hissəsinin minimum yaşayış həddinə yaxınlaşdırılması, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əmək haqqı sisteminin təkmilləşdirilməsi, ölkənin sığorta və pensiya sistemlərində islahatların dərinləşdirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Ölkəmizin beynəlxalq ictimai, siyasi, iqtisadi, mədəni, idman və digər tədbirlərdə iştirakının maliyyə təminatı büdcə layihəsində öz əksini tapmışdır. 2009-cu ildə dövlət büdcəsi xərclərinin strukturunun tərtibi və icrası prosesinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın və ünvanlılığın səmərəliyinin daha da artırılması istiqamətində iş davam etdiriləcəkdir.
Hörmətli millət vəkilləri, ölkə iqtisadiyyatının inkişafı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görüləcək təsirli tədbirlər hesabına 2009-cu ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 27,9 faizi həcmində və yaxud 2008-ci ilin proqnozuna nisbətən 2,4 faiz çox olacaqdır. Mütləq ifadədə gəlirlər 12 milyard 177 milyon manat, yəni bu ilin proqnozuna nisbətən 1 milyard 693 milyon manat və ya 16,1 faiz artacaqdır. Dövlət büdcəsi layihəsi ilə büdcə daxilolmalarında sadələşdirilmiş vergi üzrə 23,8 faiz, əlavə dəyər vergisi üzrə 21,8 faiz, torpaq və əmlak vergisi üzrə 21,4 faiz, dövlət rüsumu üzrə 15,4 faiz, gömrük rüsumu üzrə 13,6 faiz, fiziki şəxslərdən gəlir vergisi üzrə 13,2 faiz, aksizlər üzrə 7,8 faiz artım nəzərdə tutulur. Vergilər Nazirliyi üzrə 5 milyard 750 milyon manat və 2008-ci ilin proqnozuna nisbətən 6,9 faiz və ya 370 milyon manat çox daxilolmalar nəzərdə tutulur. 2009-cu ildə neft sektoru üzrə vergi yığımlarının məbləğinin 2 milyard 680 milyon manat və ya 2008-ci ilə nisbətən 7,6 faiz az, qeyri-neft sektoru üzrə 3 milyard 70 milyon manat və ya bu ilə nisbətən 23,8 faiz, yəni 590 milyon manat çox olacağı proqnozlaşdırılır.
Dövlət Gömrük Komitəsi üzrə 1 milyard 300 milyon manat proqnoz nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 17,1 faiz və ya 190 milyon manat çoxdur. Digər mənbələrdən 5 milyard 127 milyon manat vəsait daxil olacaqdır ki, bunun da 4 milyard 915 milyon manatını və ya 95,8 faizini Dövlət Neft Fondundan transfert, 2,7 faizini və ya 137 milyon manatını büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, 75 milyon manatı və ya 1,5 faizini digər daxilolmalar təşkil edəcəkdir. 2009-cu il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan avtomobil yolları məqsədli büdcə fondunun gəlirləri 145 milyon manat nəzərdə tutulub ki, bu da 2008-ci ilə nisbətən 11,5 faiz və ya 15 milyon manat çoxdur.
Xüsusi olaraq dövlət büdcəsinin gəlirlərinin dünya bazarlarında neft qiymətlərindən asılılığı məsələsi üzərində dayanmaq istərdim. Təqdim olunmuş 2009-cu ilin dövlət büdcəsi layihəsində gəlirlərin yalnız 15 faizdən az olan hissəsi bilavasitə dünya neft qiymətlərinin dəyişməsindən asılı olacaqdır. Bu isə bizə təqdim olunmuş büdcə xərclərini kifayət qədər yüksək əminliklə təmin etmək imkanı verir. Onu da qeyd etmək yerinə düşərdi ki, qlobal iqtisadi tənəzzül meyillərinin Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirləri büdcənin icrası prosesində daim diqqət mərkəzində qalacaq və radikal pisləşmə prosesləri baş verərsə, hökumət tərəfindən Milli Məclisə müraciət edilməklə dövlət büdcəsinə yenidən baxılmasına dair məsələ qaldırıla bilər. Lakin bu gün belə məsələnin qaldırılmasına və büdcə proqnozlarına yenidən baxılmasına heç bir ehtiyac yoxdur.
2009-cu il dövlət büdcəsinin xərclərinin strukturu və əsas istiqamətləri. 2009-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 28,3 faizini təşkil etməklə 2008-ci illə müqayisədə 1,4 faiz çox nəzərdə tutulur. Mütləq ifadədə dövlət büdcəsi xərcləri 12 milyard 355 milyon manat proqnozlaşdırılır ki, bu da 2008-ci ilə nisbətən 1 milyard 294 milyon manat və ya 11,7 faiz çoxdur. Dövlət büdcəsi xərclərində cari xərclər 6 milyard 656 milyon manat və ümumi xərclərin 33,9 faizi, əsaslı xərclər 5 milyard 609 milyon manat və xərclərin 45,4 faizi, kreditlərin qaytarılması və faiz ödənişləri ilə bağlı xərclər 90 milyon manat və xərclərin 1 faizi həcmində olacaqdır.
2009-cu ilin dövlət büdcəsində məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 5 milyard 402 milyon manat vəsait ayrılacaqdır ki, bu da 2008-ci illə müqayisədə 756 milyon manat və ya 16,3 faiz çoxdur. Məqsədli proqramlar və tədbirlər üzrə xərclərin dövlət büdcəsi xərclərindəki xüsusi çəkisi 43,7 faizə çatmaqla 2008-ci illə müqayisədə 1,7 faiz artacaqdır. Funksional istiqamətlər üzrə müvafiq olaraq elm xərcləri 47,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 42,9 faiz, sosial müdafiə və sosial təminat xərcləri 39,3 faiz, mənzil-kommunal təsərrüfatı xərcləri 33,3 faiz, səhiyyə xərcləri 31,9 faiz, təhsil xərcləri 21,2 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 19 faiz, dövlət əsaslı vəsait qoyuluşu xərcləri 9,1 faiz artımla proqnozlaşdırılmışdır. İqtisadi təsnifata uyğun olaraq 2008-ci illə müqayisədə 2009-cu il dövlət büdcəsində əsas fondlara əsaslı vəsait qoyuluşu xərcləri üçün 7,5 faiz, əməyin ödənişi xərci üçün 14,8 faiz, dərman, sarğı ləvazimatlarının və ərzaq məhsullarının alınması xərcləri üçün 48,2 faiz, nəqliyyat, kommunal və kommunikasiya xidmətləri haqqının ödənilməsi xərcləri üçün 8,7 faiz, abadlaşdırma, geoloji kəşfiyyat və topoqrafiya-geodeziya axtarış xidmətləri haqqının ödənilməsi xərcləri üçün 36,4 faiz, təqaüd və sosial müavinət xərcləri üçün 45,1 faiz çox vəsait nəzərdə tutulmuşdur.
Bildiyiniz kimi, davamlı olaraq əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kursun prioritet istiqamətini təşkil edir. Bu istiqamətdə əhəmiyyətli addımlar atılmış, növbəti ildə sosial xərclərə üstünlük verilmişdir. 2009-cu il dövlət büdcəsi xərclərinin 33 faizi və ya 4 milyard 24 milyon manatı sosial yönümlü xərclərə yönəldiləcəkdir ki, bu da cari illə müqayisədə 790 milyon manat və ya 24,4 faiz çoxdur. 2008-ci ildə əmək haqları, pensiya və müavinətlər üzrə təqdim olunan artımların stabil fəaliyyət təminatı, növbəti ildə minimum əmək haqqının ehtiyac meyarının gözlənilən artımı və baza pensiyasının indeksləşdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində üst-üstə 772 milyon manat və ümumi artımın 59,7 faizi həcmində vəsait nəzərdə tutulmuşdur. Bununla yanaşı, baza pensiyasının indeksləşdirilməsi üçün dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 35 milyon manat məbləğində transfert proqnozlaşdırılmışdır.
Sosial siyasətin qayəsini təşkil edən elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 2009-cu ilin dövlət büdcəsində 3 milyard 274 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 742 milyon manat və ya 29,3 faiz çoxdur. Bütövlükdə həmin xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 26,5 faizə çatmaqla 2008-ci illə müqayisədə 3,6 faiz artmışdır. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri nəzərə alınmadan isə qeyd olunan sahələr üzrə xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi bu ilə nisbətən 5,4 faiz artaraq 43,3 faizə çatmışdır.
Növbəti ildə elm xərcləri üçün 105,8 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 34,1 milyon manat və ya 47,6 faiz çoxdur. Elm xərclərinin dövlət büdcəsi xərclərində xüsusi çəkisi bu illə müqayisədə 0,3 faiz artmış və əsaslı xərclər nəzərə alınmadan isə bu xərclərin dövlət büdcəsinin cari xərclərinin tərkibində xüsusi çəkisi 1,4 faiz təşkil edəcəkdir. Məqsədli olaraq 2009-cu ildə elmin maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı xərclər üçün 7 milyon manat, Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarının müasir tələblərə cavab verən avadanlıq və maddi-texniki baza ilə təmin edilməsi xərcləri üçün 10 milyon manat, latın qrafikalı kitabların çap edilməsi ilə bağlı xərclər üçün 5,3 milyon manat vəsait ayrılmışdır.
2009-cu ildə təhsil xərcləri üçün 1 milyon 352 milyon manat, 2008-ci illə müqayisədə 237 milyon manat və ya 21,2 faiz çox vəsait nəzərdə tutulmuşdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,8 faiz artaraq 10,9 faizə çatacaqdır. Bütövlükdə təhsil sahəsinə ayrılan vəsaitin 117 milyon manatı müvafiq dövlət proqramlarına və məqsədli tədbirlərə yönəldiləcəkdir ki, bu da 2008-ci illə müqayisədə 40,1 milyon manat və ya 52,1 faiz çoxdur.
Səhiyyə xərcləri üçün 509 milyon manat və ya 2008-ci illə müqayisədə 123,1 milyon manat, yəni 31,9 faiz çox vəsait ayrılmışdır. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,6 faiz artaraq 4,1 faizə çatmışdır. Növbəti ildə “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”, “Şəkərli diabet üzrə Dövlət Proqramı”, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” maliyyələşdiriləcəkdir.
2009-cu il büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və turizm xərcləri üçün 172,4 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 27,5 milyon manat və ya 19 faiz çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,2 faiz artaraq 1,5 faizə çatmışdır.
Qeyri-hökumət təşkilatlarına dövlət qayğısını gücləndirmək məqsədi ilə növbəti ilin büdcəsində 2,8 milyon manat və 2008-ci ilə nisbətən 83,3 faiz və ya 1,3 milyon manat çox vəsait ayrılacaqdır. İlk dəfə olaraq ölkə Prezidentinin imzaladığı dövlət proqramının icra olunması məqsədi ilə ölkənin kütləvi informasiya vasitələrinə dövlət yardımı xərcləri üçün 1,3 milyon manat vəsait ayrılmışdır. Ölkəmizdə ailə, uşaq və qadın hüquqlarının müdafiəsi və gender siyasətinin həyata keçirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün alternativ qayğı mərkəzlərinin yaradılması və digər vəzifələrin icrası üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin xətti ilə həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün 629 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 3,5 dəfə və ya 447 min manat çoxdur.
Dövlətin hərbi potensialının artırılması, onun müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının təkmilləşdirilməsi işinin davamı olaraq 2009-cu ildə müdafiə xərclərinə tələb olunan məbləğdə, məhkəmə hakimiyyətinin, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərinə 13,6 faiz çox vəsait yönəldilmişdir.
Demokratik inkişaf dövrünə qədəm qoymuş ölkəmizdə insan hüquqlarının qorunması dövlətin prioritet vəzifələrinə çevrilmişdir. Bu siyasətin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən məhkəmə sistemində aparılan islahatların davamı və bu sistemin stabil fəaliyyəti üçün növbəti ildə 43 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 15,6 faiz və ya 6 milyon manat çoxdur. Bununla yanaşı, maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən məhkəmələrin maddi-texniki təminatının möhkəmləndirilməsi üçün ilk dəfə məqsədli olaraq 2009-cu il dövlət büdcəsində 3,4 milyon manat vəsait nəzərdə tutulmuşdur. Avropa Birliyinin tövsiyələri də nəzərə alınmaqla cəzaçəkmə müəssisələrinin təminatının yaxşılaşdırılması, məhkumların saxlanılma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə 2009-cu il dövlət büdcəsində penitensiar xidmət xətti ilə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi üçün 23,1 faiz çox vəsait ayrılacaqdır. Bundan başqa, penitensiar sistemdə islahatların davam etdirilməsi üçün də məqsədli olaraq əlavə 5 milyon manat vəsait ayrılacaqdır.
2009-cu il dövlət büdcəsində əsaslı xərclər üçün 5 milyard 609 milyon manat ayrılacaqdır ki, bu da 2008-ci illə müqayisədə 394 milyon manat və ya 7,5 faiz çoxdur. Əsaslı xərclərin 84,1 faizi və 4 milyard 718 milyon manatı dövlət əsaslı vəsait qoyuluşuna, investisiya xərclərinə yönəldiləcəkdir ki, bu da 2008-ci ilə nisbətən 392 milyon manat və ya 9,1 faiz çoxdur. Ölkənin sosial-iqtisadi inkişafı məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin təmin edilməsi və iqtisadi sabitliyin qorunması prinsiplərinə əsaslanaraq, dövlət əsaslı vəsait qoyuluşu xərcləri ilk növbədə 2009-cu ildə tamamlanması nəzərdə tutulan proqramların, layihələrin və tədbirlərin maliyyə təminatına yönəldiləcəkdir. Dövlət büdcəsi ilə yanaşı, 2009-cu ildə Dövlət Neft Fondunun büdcəsindən bir sıra əsaslı xərclərin və dövlət tədbirlərinin, o cümlədən Oğuz, Qəbələ zonasından Bakı şəhərinə su kəməri xəttinin çəkilməsinə, Samur–Abşeron suvarma sisteminin yenidən qurulmasına, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə və 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə 761,3 milyon manat, xarici kreditlər hesabına isə bir sıra dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsinə 791,1 milyon manat vəsait yönəldiləcəkdir.
Ölkənin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən mənzil-kommunal, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üçün 2009-cu il dövlət büdcəsində 713 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 32 faiz və ya 173 milyon manat çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,9 faiz artaraq 5,8 faiz təşkil edəcəkdir. İlk dəfə məqsədli olaraq kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün 60 milyon manat vəsait nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 77 milyon manat, aqrolizinqin inkişafı üçün 40 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə mikrokreditlər üzrə xərclər üçün 10 milyon manat vəsait yönəldiləcəkdir. Kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən meliorasiya, irriqasiya və suvarma sistemlərinin stabil maliyyə təminatı üçün 2009-cu ildə 206 milyon manat, 2008-ci illə müqayisədə 33,8 faiz və ya 52 milyon manat çox vəsait ayrılmışdır.
Növbəti ildə regionların hərtərəfli inkişafı ölkə Prezidentinin müəyyən etdiyi prioritet vəzifələr sırasına daxil edilmişdir. Regionların sosial-iqtisadi inkişafı, o cümlədən rayon və şəhərlərdə yolların tikintisi, abadlıq işlərinin daha da genişləndirilməsi üçün 2009-cu il dövlət büdcəsində 334 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 20,3 faiz və ya 56 milyon manat çoxdur. Hazırda hökumət tərəfindən 2009–2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı layihəsinin üzərində ciddi iş gedir. Dövlət başçısının göstərişi əsasında hazırlanan bu proqram qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, sahibkarlığın daha da geniş vüsət alması, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, onların ixrac potensialının artırılması, iqtisadi və sosial, mədəni infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun yenidən qurulması, yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və yoxsulluğun azaldılması kimi mühüm strateji məsələləri özündə birləşdirəcəkdir.
Hörmətli millət vəkilləri! Son illərdə olduğu kimi, növbəti ildə də sahibkarlığa maliyyə dəstəyinin gücləndirilməsinə mühüm əhəmiyyət verilir. 2009-cu il icmal büdcəsində sahibkarlığın dəstəyi fonduna 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Əhalinin sosial, əsasən, mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə sosial ipoteka üçün 14,5 milyon manat vəsait ayrılacaqdır. Dövlət əmlakının özəlləşdirməyə hazırlanması və özəlləşdirmə qabağı sağlamlaşdırılması məqsədi üçün 20 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 7,5 milyon manat və ya 60 faiz çoxdur.
2009-cu ildə bələdiyyə seçkilərinin keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin təmin edilməsi ilə bağlı 32,2 milyon manat vəsait ayrılacaqdır. Əhalinin demoqrafik xarakteristikası haqqında ətraflı məlumatların əldə olunmasında mühüm əhəmiyyət kəsb edən əhalinin siyahıya alınmasının keçirilməsi xərcləri üçün 2009-cu il dövlət büdcəsindən 5,4 milyon manat vəsait yönəldiləcəkdir. 2009-cu ildə büdcə təşkilatlarının büdcədənkənar xərcləri üzrə 137,5 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri! Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünya miqyasında nüfuzu artır, Azərbaycan bölgənin aparıcı dövlətinə, beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilir. Bu amillər əsas götürülməklə dövlətimizin beynəlxalq münasibətlərinin, həmçinin daxili və xarici borclarının, beynəlxalq təşkilatlara üzvlük haqlarının idarə edilməsi növbəti ildə də diqqət mərkəzində saxlanılmışdır. Ölkədə həyata keçirilən dayanıqlı iqtisadi və sosial islahatların davam etdirilməsi, ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədi ilə 2008-ci il 1 oktyabr tarixində beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 6 milyard 300 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır ki, bunun 2 milyard 800 milyon ABŞ dolları artıq istifadə mərhələsindədir. İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2008-ci il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun 5,6 faizini təşkil etmişdir ki, bu da ümumən beynəlxalq borclanma təcrübəsində çox aşağı bir səviyyədir. 2009-cu il dövlət büdcəsində dövlətin borclarının ödənilməsi və beynəlxalq təşkilatlara üzvlük haqqı xərci üçün 250 milyon manat, o cümlədən xarici borclar üçün 199, daxili borclar üçün 28,3 beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri üçün 22,6 milyon manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycanda sosial və infrastruktur təminatlı quruculuq işlərinin həyata keçirilməsi üçün dövlət şirkətləri tərəfindən həm ölkənin daxili ehtiyatlarından, həm də xaricdən, o cümlədən kreditorlara dövlət zəmanəti verilməsi şərti ilə aktiv şəkildə kreditlər cəlb edilir. Dövlət maraqları əsas götürülməklə bu praktika növbəti ildə də davam etdiriləcəkdir. Buna görə də zəmanət verilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, risklərdən sığortalanmaq, qəbul edilmiş beynəlxalq maliyyə öhdəliklərinin şərtlərinə düzgün və vaxtında əməl etmək məqsədi ilə dövlət zəmanəti ilə alınan borcların təminatı fonduna 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Ölkəmizin diplomatik xidmətinin əhatə dairəsinin və diasporanın genişləndirilməsi, fəaliyyətdə olan, habelə növbəti ildə fəaliyyətə başlayacaq diplomatik xidmət orqanlarının saxlanılması üçün 2009-cu il dövlət büdcəsində 52 milyon manat, – 2008-ci illə müqayisədə 7,7 faiz çox, – ölkəmizdə və xaricdə keçiriləcək beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün isə 14 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bununla yanaşı, xarici ölkələrdə yaşayan azərbaycanlılarla dövlət siyasətini həyata keçirən tədbirlərin stabil maliyyələşdirilməsi üçün növbəti ildə 1,2 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci ilə nisbətən 224 min manat və ya 23,3 faiz çoxdur.
Dövlət büdcəsinin yerli xərcləri. 2009-cu ildə dövlət büdcəsinin tərkib hissəsi olan yerli xərclər 1 milyard 257 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2008-ci ilə nisbətən 35,2 faiz və ya 328 milyon manat çoxdur. Şəhər və rayonların yerli xərclərinin 779 milyon manatı və ya 61,9 faizi mərkəzləşdirilmiş xərclərdən verilən vəsait hesabına maliyyələşdiriləcəkdir ki, bu da 2008-ci ilə nisbətən 25,8 faiz və ya 160 milyon manat çoxdur. Müsbət hal kimi qeyd edilməlidir ki, regionlarda aparılan iqtisadi islahatların məntiqi davamı olaraq 2008-ci illə müqayisədə 2009-cu ildə yerli gəlirlərin tənzimlənməsi üçün mərkəzdən yerlərə verilən maliyyə yardımının xüsusi çəkisi 4,6 faiz azalacaqdır. Hesab edirik ki, bu istiqamətdə məqsədyönlü işlər davam etdirilməlidir. Maliyyələşdirilməsi yerli xərclərdə nəzərdə tutulmayan, lakin rayon və şəhərlərdə büdcə ilində ortaya çıxa biləcək zəruri hesab edilən sosial-iqtisadi və digər təminatlı tədbirlər üçün ilk dəfə olaraq 8,2 milyon manat ehtiyat vəsaiti nəzərdə tutulmuşdur. 2009-cu il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün 178 milyon manat və ya ümumi daxili məhsulun 0,4 faizi həcmində vəsait nəzərdə tutulur ki, bunun da maliyyələşdirilməsi özəlləşdirmədən və dövlət istiqrazlarının satışından daxilolmalar hesabına həyata keçiriləcəkdir.
Hörmətli millət vəkilləri! İcmal büdcə haqqında qısa məlumat verərək bildirirəm ki, Azərbaycan Respublikasının 2009-cu il icmal büdcəsinin xərcləri 14 milyard 758 milyon manat olacaqdır ki, bu da 2008-ci ilə nisbətən 1 milyard 959 milyon manat və ya 15,5 faiz çoxdur.
İcmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olaraq 273 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2008-ci illə müqayisədə 24,6 faiz və ya 54 milyon manat çoxdur. Xərclərin 89 faizi – 242,7 milyon manatı, – 2008-ci ilə nisbətən 499,2 milyon manat və ya 25,4 faiz çox, – dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaqdır.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləri 1 milyard 775 milyon manat proqnozlaşdırılır ki, bu da 2008-ci ilə nisbətən 370 milyon manat və 26,3 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 27,9 faizi və ya 495 milyon manatı dövlət büdcəsindən verilən transfert hesabına örtüləcəkdir.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 5 milyard 676 milyon manat təşkil etməklə 2008-ci ilə nisbətən 1 milyard 305 milyon manat və ya 29,9 faiz çoxdur. Dövlət büdcəsinə ayrılan transfertlə yanaşı, 2009-cu ildə Dövlət Neft Fondunun vəsaitindən digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 761 milyon manat vəsait yönəldiləcəkdir.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! 2009-cu il dövlət büdcəsinin heç də sadə olmayan xarici iqtisadi şəraitdə həyata keçirilməsi nəzərdə tutulub dünya iqtisadiyyatında güclənən tənəzzül meyilləri ölkəmizi yeni çağırışlarla üz-üzə qoyub.
Sədrlik edən. Samir müəllim, üzr istəyirəm, artıq 40 dəqiqədir məruzə edirsiniz. Sizə nə qədər vaxt lazımdır?
S. Şərifov. Bitirirəm. Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş uğurlar, yaradılmış maliyyə və iqtisadi potensial, toplanmış valyuta ehtiyatları ölkəmizin və xalqımızın dünya böhranının mənfi təsirlərindən qorunması üçün əsaslı zəmin təşkil edir. Büdcədə qoyulmuş sosial-iqtisadi vəzifələrin həyata keçirilməsinin yeni çağırışlar mühitində də mümkün olması üçün zəminlər yaradır. Bu gün müzakirənizə təqdim edilmiş 2009-cu il dövlət və icmal büdcə layihələri və növbəti 3 il üçün icmal büdcənin göstəriciləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin iqtisadi qüdrətinin artması, xalqın maddi rifah halının daha da yaxşılaşdırılması, dövlətin müdafiə potensialının və təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq miqyasda mövqelərimizin təmin edilməsi, Azərbaycan dövlətinin tərəqqiyə doğru irəliləməsi kimi strateji vəzifələri özündə birləşdirən sosial-iqtisadi kursunun uğurla həyata keçirilməsi üçün həlledici maliyyə aləti rolunu oynayacaqdır. Bunları nəzərə alaraq, hörmətli millət vəkilləri, sizi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş 2009-cu il üzrə dövlət və icmal büdcə layihələrinin və sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Hörmətli deputatlar, iclasın əvvəlində mən sizə müraciət elədim və biz belə qərara gəldik ki, komissiya sədri Ziyad müəllim çıxış edir, sonra hökumət üzvləri. Maliyyə naziri çixiş etdi, indi iqtisadi inkişaf nazirinə söz verəcəyik, sonra Hesablama Palatasının sədrinin rəyini eşidəcəyik, daha sonra Milli Bankın İdarə Heyətinin sədri çıxış edəcək. Bu çıxışlardan sonra biz müzakirəyə başlayacağıq. Ona görə darıxmayın, dözümlü olun. İqtisadi inkişaf nazirinə söz verilir. Buyurun, Şahin müəllim.
Ş. Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli həmkarlar, xanımlar və cənablar! Bu gün sizin diqqətinizə çatdırılan 2009–2012-ci illər üçün ölkənin sosial-iqtisadi inkişaf konsepsiyası, 2009-cu il dövlət büdcəsinin layihəsi, habelə büdcə zərfinə daxil olan digər qanunvericilik sənədləri ölkə və cəmiyyət üçün tarixi bir dövrə təsadüf edir. 5 il öncə xalqın tam dəstəyi və etimadı ilə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmiş, bu dövrdə ciddi uğurlara imza ataraq özünü siyasi varisliyə sadiq praqmatik siyasətçi kimi təsdiqləmiş, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə və beynəlxalq aləmdə böyük nüfuz qazanmış, dövlət başçısı kimi məsuliyyətli və şərəfli vəzifəni inamla icra etmişdir.
“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” prinsipi ilə 5 il ərzində həyata keçirdiyi fəaliyyət nəticəsində ölkə iqtisadiyyatında böyük uğurlar əldə olunmuş, cəmiyyətdə mövcud olan siyasi barışıq və həmrəylik möhkəmlənmiş, ölkənin nüfuzu və mövqeləri güclənmişdir. Bu ilin 15 oktyabrında keçirilən Prezident seçkiləri və xalqın bu seçkilərdə fəallığı, möhtərəm cənab Prezidenti daha 5 il ölkə rəhbərliyində görmək istəyi ilə iradəsini bildirməsi, ulu öndərin əsasını qoyduğu bu siyasətin hələ uzun illər ölkəmizdə alternativi olmayacağına bariz sübutdur. Ulu öndərimizin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” təməl prinsipini əldə rəhbər tutaraq 2003-cü ildən ölkə Prezidenti tərəfindən həyata keçirilən tədbirlər iqtisadiyyatın bütün sahələrinin, xüsusilə qeyri-neft sektorunun çox yüksək artım sürəti ilə səciyyəvi olmuş və 2008-ci ildə də davam etdirilərək iqtisadiyyatın bütün sahələri üzrə sabit inkişafı təmin etmişdir.
Hörmətli millət vəkilləri, ötən illərdə olduğu kimi, 2008-ci ilin 9 ayının yekunları da göstərir ki, dünyada cərəyan edən maliyyə böhranına və bir sıra aparıcı ölkələrdə iqtisadi artım templərinin enməsinə baxmayaraq, Azərbaycanda ümumi daxili məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 30,4 milyard manat, bunun adambaşına düşən həcmi isə 13,7 faiz artaraq 3554 manat təşkil etmişdir. 2008-ci ilin oktyabr ayına ölkənin valyuta ehtiyatları ötən ilin sonu ilə müqayisədə 2,3 dəfə artaraq 17,5 milyard ABŞ dollarına çatmışdır. İqtisadiyyatın inkişafı neft sektoru ilə bərabər, qeyri-neft sektorunun da sürətli artımı hesabına davam etmişdir. Bu ilin 9 ayında neft sektorunun real artım tempi 14,6 faiz, qeyri-neft sektorunun real artım tempi isə 15,4 faiz təşkil etmişdir. Ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılmış, maliyyə imkanlarının genişlənməsi, investisiya mühitinin daha da yaxşılaşması nəticəsində hesabat dövründə əsas kapitala yönəldilən investisiyalar 38 faiz artaraq 6,3 milyard manata çatmışdır. Möhtərəm cənab Prezidentin iqtisadiyyatın diversifikasiyasına yönəlmiş siyasətinin nəticəsi olaraq əsas kapitala yönəldilmiş ümumi investisiyaların 2,1 milyard manatı və yaxud 100 faizi neft sektoruna, 4,2 milyard manatı və ya 67 faizi isə qeyri-neft sektoruna yönəldilmişdir. Nəticədə keçən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun inkişafına qoyulmuş investisiyaların həcmi iki dəfəyədək artmışdır.
Cari il ərzində əhalinin nominal gəlirləri 15 milyard manat olmuş, keçən ilin eyni dövrünə nisbətən 36 faiz artmışdır. Adambaşına düşən pul gəlirləri 34 faiz artaraq 1704 manat təşkil etmiş, orta aylıq əmək haqqı 257 manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 23 faiz artmışdır. Əmək pensiyalarının minimum məbləği 75 manata, ehtiyac meyarı isə 55 manata qədər artırılmışdır. Ümumilikdə, 9 ayda müşahidə olunan artım meyillərinin davam edəcəyi, 2008-ci ilin sonuna ümumi daxili məhsulun 21 faiz, neft-qaz sektorunun real ifadədə 30 faiz, qeyri-neft sektorunun isə 12 faiz artacağı nəzərdə tutulmuşdur. Adambaşına düşən ümumi daxili məhsulun həcmi 4805 manat və ya 5884 ABŞ dolları olacağı ehtimal olunur ki, bu da 2003-cü ildəkindən 6,6 dəfə çoxdur.
Möhtərəm cənab Prezidentin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, hazırda dünyada yaşanan maliyyə böhranı ölkəmizdən təsirsiz ötüşmüş, iqtisadiyyatın sabit inkişaf tempi qorunub saxlanılmışdır. Hörmətli millət vəkilləri, qeyri-neft sektorunun davamlı şəkildə inkişaf etdirilməsinin əsas istiqamətləri qanunvericilik bazasının təkmilləşdirilməsindən, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasından, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsindən, regionlarda mövcud olan potensialdan daha səmərəli istifadə olunmasından ibarətdir. Bu gün iqtisadi qanunvericilik bazasının günün tələbləri səviyyəsinə uyğunlaşdırılması ilə bağlı məqsədyönlü işlər aparılır. Artıq Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun və Rəqabət Məcəlləsinin layihələri Milli Məclisə təqdim edilmişdir. Eyni zamanda, iqtisadiyyatın bütün sahələrində investisiya fəaliyyətinin təmin olunması, özəl investisiya fəaliyyətinin təşviqi, dəstəklənməsi və müdafiəsi məqsədi ilə özəl investisiya fəaliyyəti haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti sahəsində hüquqi münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsi və yaxşılaşdırılması məqsədi ilə ixrac məqsədli neft-qaz fəaliyyətinə dair xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanun layihələri və digər sənədlər də hazırlanmışdır.
İqtisadi münasibətlərin ölkədə gedən yüksək iqtisadi inkişaf dinamikasına və bazar iqtisadiyyatı prinsiplərinə uyğun effektiv və ən yaxşı beynəlxalq təcrübə öyrənilməklə tənzimlənməsi üçün qanunvericiliyin təkmilləşdirilməsinə yönələn səylər bundan sonra daha da gücləndiriləcəkdir. Sözsüz ki, qeyri-neft sektorunun davamlı şəkildə inkişaf etdirilməsində infrastruktur sahələri həlledici əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq infrastrukturun inkişafına son illər xüsusi diqqət yetirilir və artan maliyyə imkanlarından istifadə etməklə ölkədə irimiqyaslı layihələr həyata keçirilir. Bu məqsədlə 2008-ci ilin dövlət büdcəsində 2,6 milyard manat dövlət əsaslı vəsaiti qoyuluşu nəzərdə tutulmuşdur ki, bu da ümumi vəsaitin 61 faizini təşkil etməklə ötən ildəkindən 3,2 dəfə artıqdır. Bu vəsaitin 59,5 faizi nəqliyyat, 17 faizi energetika-sənaye, 16 faizi kommunal, 5 faizi su ehtiyatları, irriqasiya və digər sahələrə yönəldiləcəkdir. Bununla yanaşı, infrastruktur layihələrinin həyata keçirilməsində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq inkişaf etdirilir. Təkcə bu ilin 9 ayı ərzində aparılan danışıqların nəticəsində ümumi məbləği 2 milyard ABŞ dolları olan 18 layihə üzrə razılıq əldə edilmiş və bunlardan da məbləği 1,3 milyard ABŞ dolları təşkil edən 8 layihə Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq olunmuşdur.
Hörmətli millət vəkilləri, qeyri-neft sektorunun davamlı inkişafının mühüm strateji amillərindən birini müasir sahibkarlığın formalaşdırılması və inkişafı təşkil edir. Biznes mühitinin daha da yaxşılaşdırılması, xarici investisiyaların, müasir texnologiya və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindəndir. Cənab Prezidentin rəhbərliyi altında sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkəmizdə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bildiyiniz kimi, 2008-ci ilin 10 sentyabr tarixində açıqlanan, Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin qiymətləndirilməsini özündə əks etdirən nüfuzlu Duinq biznesi hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünya üzrə ən islahatçı ölkə elan edilmişdir. Bununla yanaşı, ötən ilin hesabatında 178 ölkə arasında 96-cı yerdə qərarlaşan Azərbaycan yeni açıqlanmış hesabatda 181 ölkə arasında 33-cü pilləyə yüksəlmişdir.
Təşkilati-iqtisadi modellərin digər növlərindən olan sənaye şəhərciklərinin və biznes inkubatorlarının yaradılması sahəsində də qeyri-neft sektorunun inkişafı istiqamətində işlər aparılır. Bununla yanaşı, son iki ildə dövlətin və beynəlxalq təşkilatların dəstəyi ilə 5 şəhərdə regional biznes mərkəzləri yaradılmışdır. Qeyd edilən istiqamətlərdə sahibkarlığın davamlı inkişafını təmin etmək məqsədi ilə 2008–2013-cü illəri əhatə edəcək “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində sahibkarlığın inkişafı ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulan 74 milyon manat vəsaitdən 2008-ci ilin 10 ayı ərzində 70 milyon manatı və ötən illər ərzində verilmiş kreditlər üzrə fondun xəzinə hesabına qaytarılan vəsaitdən 15 milyon manatı respublikanın 52 şəhər və rayonu üzrə 773 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə verilmişdir. Ölkə iqtisadiyyatının qeyri-neft sahələrinin inkişafının təmin edilməsi, həmin sahələrdə fəaliyyət göstərən sahibkarlara maddi və texniki dəstəyin göstərilməsi, bu istiqamətdə aparılan işlərin maliyyələşdirilməsinə əlavə investisiyaların cəlb edilməsi məqsədi ilə Azərbaycan İnvestisiya Şirkəti fəaliyyətini davam etdirir. Ötən müddət ərzində şirkət tərəfindən maliyyələşdirilmiş investisiya layihələri sırasında Bakıda yeni süd emalı zavodunun inşasını, Göyçayda fəaliyyət göstərən süd emalı zavodunun rekonstruksiyasını, Masazırda yodlaşdırılmış qida duzunun istehsalı üzrə zavodun tikintisini, Qaradağda neft və qaz terminalının inşasını, Qaradağ sement zavodunda yeni texnologiyaların tətbiqini və Dəvəçidə quşçuluq sahəsində həyata keçirilən layihələri qeyd etmək olar. Ümumilikdə isə Azərbaycan İnvestisiya Şirkəti tərəfindən indiyədək təxminən 55 milyon manat həcmində investisiya qoyuluşları edilmişdir. Təxminən 600 milyon manat məbləğində əlavə investisiyanın cəlb edilməsi prosesi davam etməkdədir. Hazırda şirkət tərəfindən əlavə olaraq 761 milyon manat məbləğində investisiya zərfinin üzərində iş aparılır ki, bunun da 64 milyon manatının şirkət tərəfindən, 697 milyon manatının isə yerli və xarici investorlar tərəfindən maliyyələşdiriləcəyi gözlənilir. Qeyd olunanlarla bərabər, bildirmək istərdim ki, gələcəkdə şirkətin işi daha da fəallaşdırılacaq, onun qarşısında duran vəzifələr tam həcmdə yerinə yetiriləcəkdir.
Hörmətli millət vəkilləri, məlum olduğu kimi, ölkə əhalisinin təxminən 50 faizi kənd yerlərində yaşayır. Digər tərəfdən, regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorda hələ tam istifadə edilməmiş böyük imkanlar mövcuddur. Buna görə də regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin mühüm istiqamətini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra müddətinin 2008-ci ildə başa çatmasını, hazırda regionların yeni inkişaf mərhələsində olduğunu və bu mərhələdə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinin davamlı olaraq aparılması zərurətini nəzərə alaraq “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 2009–2013-cü illəri əhatə edən yeni layihəsi hazırlanmışdır. Ötən dövr ərzində ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə aqrar sektora subsidiyanın verilməsi siyasəti davam etdirilmiş, “Aqrolizinq” Səhmdar Cəmiyyəti tərəfindən fermerlərin kənd təsərrüfatı texnikası, mineral gübrələr, toxumla təminatının gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir. 2009-cu il büdcə zərfinə daxil olan sənədlərlə birlikdə “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə Azərbaycan Respublikası qanununun layihəsi sizin müzakirənizə təqdim edilmişdir. Qanun layihəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin 2009-cu il yanvar ayının 1-dən etibarən daha 5 il müddətinə torpaq vergisi istisna olmaqla digər vergilərin ödənilməsindən azad edilməsi nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yoxsulluğun azaldılması sahəsində cənab Prezidentin müəyyən etdiyi siyasətin icrası olaraq son illərdə sosial sahələrlə bağlı 50-yə yaxın dövlət proqramı təsdiq olunmuşdur. Bu proqramlarda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmi ilbəil artırılır. Məsələn, bu il dövlət büdcəsi xərclərinin 29,2 faizi və ya 3,2 milyard manatı sosial yönümlüdür ki, bu da keçənilkindən 52 faiz çoxdur. Cari ildə həmçinin dövlət investisiya xərclərinin 19 faizi, yaxud 820 milyon manatı sosial infrastrukturun inkişafına yönəldilir ki, bu da 2007-ci ildəkindən 2,7 dəfə çoxdur. Görülmüş işlər nəticəsində yoxsulluğun səviyyəsi 2002-ci ildəkindən 46,7 faiz, 2007-ci ildəkindən 15,7 faizədək azalmışdır. Bu sahədəki tədbirlərin davam etdirilməsi məqsədi ilə cənab Prezidentin müvafiq sərəncamı ilə 2015-ci ilədək müddəti əhatə edən “Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiq edilmişdir.
Hörmətli millət vəkilləri, ölkə Prezidenti cənab İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli nitqində bu inkişafın davamlı olmasının təmin edilməsini və əldə olunmuş nailiyyətlərin möhkəmləndirilməsini başlıca vəzifə kimi irəli sürmüşdür. Sizə təqdim olunmuş büdcə zərfindəki sənədlər məhz həmin vəzifələrin yerinə yetirilməsinə yönəlmişdir. Bununla əlaqədar olaraq 2009–2012-ci illər üçün sosial-iqtisadi inkişaf konsepsiyasını, dövlət investisiya proqramı ilə bağlı bəzi məlumatları və eləcə də bir sıra bəzi makroiqtisadi göstəricilərin proqnozlarını diqqətinizə çatdırmaq istərdim. Sosial-iqtisadi inkişaf konsepsiyasında bazar iqtisadiyyatı prinsiplərinə əsasən davamlı və tarazlı iqtisadi inkişafın təmin edilməsi, əhalinin yüksək həyat səviyyəsinə nail olunması, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsi, ekoloji və ərzaq təhlükəsizliyinin təmin olunması başlıca istiqamətlər kimi müəyyən edilmişdir. Bu istiqamətlər cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunmuş 2009–2012-ci illər üçün sosial-iqtisadi inkişaf konsepsiyasında öz əksini tapmışdır.
Son illərin dinamik inkişafı, eləcə də cari ildə əldə edilmiş uğurlar 2009–2012-ci illər üçün nikbin proqnozlar verməyə əsas yaratmışdır. Proqnozlara əsasən 2009-cu ildə ümumi daxili məhsul 43,6 milyard manat, onun real artımı isə 18,9 faiz təşkil edəcəkdir. Gələn il neft sektoru real olaraq 24,4 faiz, qeyri-neft sektoru isə 10,5 faiz artacaqdır. Qeyri-dövlət sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 88 faiz olacaqdır. Ümumi daxili məhsulun adambaşına düşən həcminin 2009-cu ildə 6300 ABŞ dolları, 2012-ci ildə isə 2007-ci ilə nisbətən 2 dəfəyə yaxın artaraq 7143 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır. 2009-cu ildə ölkədə əsas kapitala yönəldiləcək investisiyalar 8,4 milyard manat, o cümlədən daxili mənbələr hesabına 6,5 milyard manat olacaqdır. İnflyasiyanın təsirinin azaldılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə 2009–2012-ci illərdə əhalinin pul gəlirlərinin, orta aylıq əmək haqqı və pensiyaların artırılması təmin ediləcəkdir. Belə ki, əhalinin gəlirlərinin 2009-cu ildə 22,5 faiz artaraq 22,7 milyard manat, orta aylıq əmək haqqının 26 faiz artaraq 353,5 manat olacağı proqnozlaşdırılır. Pensiyaların baza hissəsi 80 manata, ehtiyac meyarının 60 manata çatdırılması nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən islahatlar, görülən işlər ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına möhkəm zəmin olmaqla respublikamızın qarşıdan gələn illərdə yüksək iqtisadi artıma nail olacağını söyləməyə tam əsas verir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Şahin müəllim. Hesablama Palatasının sədri Heydər Əsədova söz verilir.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Məndən öncə çıxış edən hörmətli maliyyə naziri Samir Şərifov və iqtisadi inkişaf naziri Şahin Mustafayev 2009-cu il dövlət büdcəsi layihəsinin ən əsas parametrləri, büdcənin tərtibi zamanı istinad edilən makroiqtisadi mühit və eləcə də perspektiv dövrdə – gələn il və yaxın 3 il ərzində hökumətin hədəfləri barədə çox ətraflı məlumat verdilər. Hesablama Palatası da büdcə layihəsini həm funksional, həm iqtisadi, həm də hökumətin hədəflərinə nail olmaq aspektlərində geniş müzakirə edərək rəy və təkliflərini hörmətli millət vəkillərinə təqdim etmişdir. Ona görə də mən bu gün büdcənin ayrı-ayrı göstəricilərinə, parametrlərinə bir daha toxunmadan onun yalnız qlobal, strateji aspektləri, qəbul olunmuş inkişaf konsepsiyalarına və bu gün dünyada yaranan iqtisadi mühitə uyğunluğu barədə məlumat vermək istərdim.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, dövlət büdcəsinin müzakirə edildiyi bugünkü şərait dünya bazarlarındakı qeyri-müəyyənlik, fond birjalarındakı inflyasiya və maliyyə böhranının hökm sürməsi ilə xarakterizə olunur. Buna baxmayaraq, son illər Azərbaycanda aparılan radikal islahatlar, ərzaq balansının, enerji təhlükəsizliyinin yaxşılaşdırılması istiqamətində görülən işlər ölkəmizi beynəlxalq böhrandan, demək olar ki, makro səviyyədə kənarda qoymuşdur. Hörmətli Prezidentimiz İlham Əliyevin təbirincə desək, “bu gün nə Azərbaycan dövləti, nə Azərbaycan iqtisadiyyatı, nə də Azərbaycan vətəndaşı bu böhranı hiss edir”. Lakin bildiyiniz kimi, böhranın dalğası getdikcə genişlənir. O, daşınmaz əmlak bazarından, fond birjalarından başladığı halda artıq iqtisadiyyatın yeni-yeni sahələrini və yeni-yeni dövlətləri əhatə edir, mahiyyətcə yeni formalar alır. Təbii ki, belə bir şəraitdə büdcə resursları təmərküzləşdirilərək dövlətin bu sahədə qarşıya qoyduğu ən prioritet vəzifələrin həllinə yönəldilməlidir. Nəzərə alaq ki, bu gün bu sahədə ən prioritet vəzifə enerji təhlükəsizliyinin və ərzaq balansının pisləşməsinin və dediyim kimi, onun makro səviyyədə iqtisadiyyata daxil olmasının qarşısının alınmasıdır. Təbii ki, büdcə bu böhranların aradan qaldırılması üçün dediyim istiqamətlərə yönəlməli idi. Büdcə zərfinin sənədlərinin tərtibi də bizə bunu deməyə əsas verir.
Eyni zamanda, fiskal və monetar siyasət vasitəsi ilə dövlət stabilləşdirmə tədbirlərini daha da genişləndirməli və büdcə paketi artıq bu tədbirlərin həyata keçirilməsində təminatçı rol oynamalıdır. Daha doğrusu, konkret desək, bank kapitallarının bərpasına dövlət növbəti ildə də köməklik göstərməlidir, əlverişli olmayan aktivləri tezliklə tənzimləməli, maliyyə bazarında likvidliyin yüksəldilməsi üçün lazımi vəsait ayırmalı, mənəvi, yəni əhalinin birbaşa həyat səviyyəsinə təsir edən risklərin çərçivəsini müəyyən etməli, konkret olaraq bu sahədə işlər görməli, fiskal və monetar siyasətin çevikliyini təmin etməklə bərabər, yeri gələrsə, sərt maliyyə-büdcə siyasətini həyata keçirməlidir. Hesablama Palatasının rəsmi rəyində də bildirilir ki, 2009-cu il dövlət büdcəsinin layihəsi məhz bu mexanizmin strategiya və tənzimləmə tədbirlərini özündə ehtiva edən bir sənəd kimi çıxış edir.
Dediklərimi rəqəmlərlə göstərmək istəyirəm. Qeyd etdiyimiz kimi, əsas məsələlərdən biri enerji təhlükəsizliyinin aradan qaldırılmasıdır. Enerji layihələrinə 467 milyon, 2008-ci ilə nisbətən 68,3 faiz artıq, əgər xarici kreditlər və Dövlət Neft Fondundan ayrılmış vəsaitlər də daxil olarsa, 636 milyon manat vəsait ayrılır. Bu, deyilən istiqamətdə atılan birinci addımdır. İkinci, aqrar sektorda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün ilk dəfə olaraq yalnız tədbirlər üçün 388 milyon manat vəsait ayrılıb ki, bu da keçən ildəkindən 44 faiz artıqdır. Daha doğrusu, bu sahədə xərclərin artım tempi digər xərclərin artım tempini 3,5 dəfə qabaqlayır. Kənd təsərrüfatı istehsalçılarına istifadə etdikləri motor, gübrə və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 76 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, 2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə daha etibarlı təminatı üçün ilk dəfə olaraq büdcədə 60 milyon manat vəsait nəzərdə tutulmuşdur. Eyni zamanda, birbaşa kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsini təmin edən tədbirlərlə yanaşı, dolayı yollarla da bu sahədə islahatların aparılmasına dəstək verən təminatçı maddələr nəzərdə tutulmuşdur. Belə ki, qeyd olundu, sahibkarlığın inkişafı üçün 80 milyon manat vəsait ayrılmışdır. Əslində, bu, keçən illərdə ayrılmış vəsaitlə eynidir. Lakin nəzərə alsaq ki, artıq sahibkarlıqda 493 milyon manatlıq kredit parteri mövcuddur və gələn il bunun 60–70 milyon manatının geri qaytarılıb yenidən maliyyələşmə qaydası ilə istifadəsi planlaşdırılır, deməli, gələn il sahibkarlıq üçün 150 milyon manata qədər maliyyələşmə parteri mövcud olacaqdır. Aqrolizinq və mikromaliyyələşməyə ayrılan vəsaitlərin həcminin artırılması da dolayı yolla kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə və ərzaq təhlükəsizliyinin aradan qaldırılmasına xidmət edəcəkdir.
Likvidlik məsələsi. İlk dəfə olaraq banklarda likvidliyin düzəldilməsi üçün onların nizamnamə kapitalına qoyulmaq şərti ilə 50 milyon manat vəsait ayrılmışdır. İqtisadiyyatda likvidliyi tənzimləməkdən ötrü səhmdar cəmiyyətlərinin nizamnamə kapitalına qoyulmaq üçün ilk dəfə olaraq 120 milyon manat vəsait nəzərdə tutulmuşdur. Mənəvi risklərin təmin edilməsinə, sosial sahədə artım tempinə xüsusi diqqət verilmişdir. Burada artım tempi digər sahələrdən fərqli olaraq 39,3 faiz olmuşdur ki, bu da digər xərclərin artım tempini orta hesabla 3,3 dəfə üstələyir. Büdcə xərclərinin artım tempinin aşağı düşməsi isə, mən deyərdim ki, sərt maliyyə-kredit siyasətinin həyata keçirilməsindən xəbər verir. Gördüyünüz kimi, büdcənin xərclərinin artım tempi keçən illərə nisbətən xeyli aşağı düşmüşdür.
Büdcədə diqqəti cəlb edən məqamlar olduqca çoxdur. Yerli xərclərin artım sürətinin mərkəzləşdirilmiş xərclərin artım sürətini üstələməsi, dünya bazarında qiymətlərin qeyri-sabitliyi ilə əlaqədar olaraq daxildə satılan neftin topdansatış qiymətlərinin müqavilə qiyməti əsasında fərqinin 30 faizinin büdcəyə keçirilməsi, xaricdən olan asılılığı aradan qaldırmaq üçün layihələrin sayının 5 ədəd azalmasına baxmayaraq, Azərbaycanın payının 60 milyona qədər artırılması, elmin inkişafı fondunun yaradılması və sair olduqca müsbət haldır.
Büdcənin müsbət parametrlərindən biri də, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, bəzi təşkilatlar tərəfindən verilmiş şişirtmə proqnozların dəfələrlə aşağı salınmasıdır. Bizdə olan məlumatlara görə bir neçə təşkilat tərəfindən proqnozlar dəfələrlə aşağı salınmışdır. Fürsətdən istifadə edib Hesablama Palatasının keçən ilin büdcə layihəsinin müzakirəsi və eləcə də Hesablama Palatasının hesabatı zamanı verdiyi təkliflər, – sosial ipotekanın yalnız planlaşdırılması, növbəti illər üçün layihə-smeta sənədlərinin tərtibi üçün vəsaitin nəzərdə tutulması və sair, – nəzərə alındığına görə öz təşəkkürümü bildirmək istəyirəm.
Burada bir neçə qlobal məsələyə toxunuldu. Təbii ki, Hesablama Palatası olaraq biz buna da münasibətimizi bildirməliyik. Birinci məsələ gələn ilin büdcəsində neftin qiymətinin 70 dollar nəzərdə tutulmasıdır. Mən komissiyada dedim və bu arqumentləri eyni ilə bu gün də qeyd etmək istəyirəm. Bir çox mətbuat orqanlarında belə fikirlər səslənir ki, bu büdcəyə dəyişikliklər olacaq və ya büdcəyə yenidən baxılacaq. Əslində, Hesablama Palatasının apardığı konkret hesablamalar göstərir ki, neftin qiyməti hətta 50 dollara düşəcəyi təqdirdə, – il ərzində orta qiymətdən söhbət gedir, – büdcənin gəlirlərində heç bir problem gözlənilmir. Niyə? Əvvəla, ona görə ki, büdcənin gəlirlərinin 80 faizindən yuxarı hissəsi müdafiə olunmuş gəlirlərdir. Yəni Dövlət Neft Fondundan ayırmalar 5 milyarda yaxındır, əhalinin əmək haqqından tutulmuş gəlir vergisi 1 milyarddır. Əlavə dəyər vergisi üzrə daxilolmalar və depozit hesabında kifayət qədər vəsait var. Bunlar əsas verir ki, daxilolmalarda heç bir problem ola bilməz.
Arqumentimiz bununla kifayətlənmir. Siz bilirsiniz ki, neftin qiyməti artanda, təbii olaraq investisiyaların, mal-materialların dəyəri də qalxır. Beləliklə, investisiyaların bütövlükdə dəyəri qalxmış olur. Keçən illərin təcrübəsi göstərir ki, həqiqətən də, neftin qiyməti qalxdıqca biz investisiya layihələrində böyük dəyişikliklər etdik və layihələrin dəyəri bəzən faizlərlə, bəzən də dəfələrlə qalxdı. Əgər proses əksinə baş verərsə, yəni neftin qiyməti aşağı düşərsə, eyni tendensiya xammal materiallarının dəyərinin ucuzlaşmasında özünü göstərəcək və təbii ki, görüləcək işlərin layihə-smeta sənədlərinin dəyərinin aşağı düşməsinə gətirib çıxaracaqdır. Nəzərə alsaq ki, büdcənin 38–39 faizi investisiyadan ibarətdir və təbii ki, onun 10–20 faiz ucuzlaşması büdcəyə 300–600 milyona yaxın əlavə mənbə yarada bilər.
Bundan başqa, məndə olan məlumata görə, hazırda Maliyyə Nazirliyinin xəzinəsinin xüsusi depozit hesabında 1 milyarddan artıq vəsait vardır. Əgər siz son 15 ilin təcrübəsinə baxsanız, görərsiniz ki, büdcənin icrasını 97–98 faizdən artıq icra etmək mümkün deyil. Əgər bunu nəzərə alsaq, istər-istəməz büdcədə ilin sonuna ən azından 500-700 milyon manat arasında vəsait qalacağı gözlənilir ki, nəticədə bugünkü “Büdcə sistemi haqqında” Qanun Maliyyə Nazirliyinə çevik siyasət aparmağa imkan verir. Yaxşı olar, qanunda belə bir maddə yazılsın ki, neftdən gələn daxilolmalar az olarsa, belə bir vəsait istənilən halda həmin məqsədə yönəldilə bilər. Beləliklə də, büdcənin gəlirində heç bir problem yaranmaz. Büdcənin icrasının təxminən 45 faizi ilin birinci yarısında, 55 faizi isə ikinci yarısında həyata keçirilirsə, onda istənilən an Maliyyə Nazirliyinin belə düzəlişləri etməyə imkanı vardır.
Borclarla bağlı məsələyə toxunmaq istəyirəm. Bir neçə dəfə hörmətli maliyyə naziri onun səviyyəsi, ümumi daxili məhsulun 5 faizindən yuxarı olmaması haqqında məlumat verdi. Qeyd etmək istərdim ki, diqqət etsəniz, bu günə qədər borclanmanın səviyyəsinin artıq olması, adambaşına borcun çox düşməsi ilə bağlı müxtəlif məqalələr, müxtəlif çıxışlar olmuşdur. Amma nəzərə alaq ki, əgər o borclar olmasa idi, həmin layihələrin qiyməti bu gün 10 dəfədən də artıq olacaqdı. Həmin borclar hesabına həyata keçirilmiş layihələrdən istifadə edilməsə idi, daha acınacaqlı bir vəziyyət yaranmış olardı. Ona görə də Hesablama Palatası belə hesab edir ki, borclanma siyasəti sahəsində hökumətin, dövlətin yeritdiyi siyasət düzgündür. Lakin biz bu gün bazarda yaranmış şəraiti nəzərə alaraq borclara qarşı təkcə illik limitin deyil, həm də artan yekunla keçən illərdən qalma limitin proqnozlaşdırılmasını və büdcədə qanunla nəzərdə tutulmasını təklif edirik. Bununla bağlı Hesablama Palatası özünün rəyində büdcədə nəzərə alınması məqsədəuyğun hesab edilən onlarca təklif vermişdir. Bu təkliflərdən ən əsası budur ki, fikrimizcə, İqtisadi İnkişaf Nazirliyinin deflyatorun aşağı salınması istiqamətində verdiyi proqnozlaşmalar əlavə əsaslandırmalar tələb edir. İkinci, yaxşı olardı ki, artıq indiki şəraitdə ümumi daxili məhsul bütün ümumi iqtisadi göstəriciləri əks etdirmədiyi üçün, ümumi daxili məhsulla yanaşı, indikatorlar, əhalinin həyat səviyyəsini, ümumi inkişafı əks etdirən digər milli göstəricilər sistemi də hazırlansın və proqnozlaşmalar verilərkən bu göstəricilər də əsas götürülsün.
Eyni zamanda, Hesablama Palatası elmin inkişafı üçün, kənd təsərrüfatında əhalinin ərzaqla təminatı üçün ayrılmış vəsaitdən xüsusi mexanizm olmadan istifadə edilməsini məqsədəuyğun hesab etmir. Digər tərəfdən, sahibkarlıq üçün ayrılmış vəsaitin xüsusi bir hissəsinin yalnız kənd yerlərində istifadəsi üçün ya limitin müəyyənləşdirilməsini, ya da hökumət tərəfindən bu sahədə xüsusi qərarların qəbul edilməsini məqsədəuyğun hesab edirik. Fikrimizcə, büdcədə hələ də büdcənin məsləhət mexanizmi qalır. Büdcədə hələ də cari xərclərin xüsusi çəkisi böyükdür. Cari xərclərin xüsusi çəkisinin artıq olması istər-istəməz iqtisadiyyata inflyasiya təzyiqi yaradır və fikrimizcə, bunun da azaldılması istiqamətində işlər görülməlidir.
Hesablama Palatası tərəfindən, eyni zamanda, investisiya proqramlarının hazırlanmasında yeni qaydaların tətbiqi, onlara vahid yanaşma mexanizmi, büdcənin təsnifatında, eləcə də “Büdcə sistemi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə bir sıra təkliflər irəli sürülmüşdür. Bütün bunlarla bərabər, biz hesab edirik ki, büdcə zərfi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır. Onun əsas hədəfləri müasir dövrün tələblərinə tam cavab verir və hesab edirik ki, hörmətli millət vəkilləri tərəfindən bu sənədin qəbul edilməsi ölkəmizdə iqtisadi inkişaf sahəsində və yeni yaranmış mühitdə irəliyə doğru atılmış yeni bir addım olacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Heydər müəllim. Hörmətli millət vəkilləri, fasiləyə 2 dəqiqə qalıbdır. Yəqin ki, 2 dəqiqə ərzində Elman müəllim bizə heç nə deyə bilməz. Ona görə də etiraz etmirsinizsə, fasilədən sonra işimizi davam etdirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Diqqətinizə görə təşəkkür edirəm.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova söz verilir. Buyurun.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli həmkarlar, xanımlar və cənablar! Ötən 5 il milli dövlətçilik quruculuğunun çox uğurlu, parlaq dövrü kimi tariximizdə əbədi qalacaqdır. Ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyənləşdirilən strateji inkişaf kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və yaradıcılıqla həyata keçirilməsi nəticəsində bu dövrdə ölkəmizin inkişafı yeni bir keyfiyyət müstəvisinə daxil olmuşdur. Bu keyfiyyət müstəvisinin, bu keyfiyyətin əsas xarakterik göstəriciləri nədən ibarətdir?
Bu günlərdə ötən 5 ildə əldə olunan nəticələr haqqında çox danışılıb, ona görə də mən çox qısa olaraq bir neçə xüsusi məqamı qeyd etmək istəyirəm. Ən yaxşı dünya təcrübəsində iqtisadiyyatın həcminin 10 ildə yalnız 2 dəfə böyüməsi məlumdur. Ancaq son 5 ildə Azərbaycan iqtisadiyyatı təxminən 3 dəfə böyümüşdür və bu dövrdə iqtisadiyyatın orta illik artım tempi 20 faizdən yuxarı olmuşdur. Nəticədə adambaşına düşən ümumi daxili məhsulun həcmi çox qısa bir dövrdə 6 min ABŞ dollarına çatmışdır və bunu ilk dəfə qeyd edirəm. Manatın real alıcılıq qabiliyyəti, yəni paritet qiymətlərdə bu rəqəm 10 min ABŞ dollarından çoxdur. Ötən dövrdə ölkə iqtisadiyyatına 5 il ərzində 45 milyard dollara yaxın kapital qoyulmuşdur. Bu, olduqca böyük masştablı bir kapital qoyuluşudur və bunun nəticəsində ölkənin məhsuldar qüvvələri yüksək dərəcədə artmış, iqtisadiyyatın potensialı əhəmiyyətli dərəcədə yüksəlmişdir. Təkcə iqtisadi artım sferasında deyil, bazar iqtisadiyyatının liberallaşdırılması, reformalar sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Nəticədə bu dövrün sonunda Azərbaycan təkcə dünyada iqtisadi artım tempinə görə yox, həm də islahatların, radikal-iqtisadi islahatların həyata keçirilməsi tempinə görə də lider ölkə kimi tanınmış və Dünya Bankının biznes hesabatında Azərbaycan birinci yerə çıxmışdır. Bütövlükdə bu dövrdə bizim gözümüzün qarşısında ölkənin imici dəyişmişdir, ölkə həm beynəlxalq aləmdə, həm də daxildə artıq özünü başqa bir formada, başqa bir parametrlərdə təqdim etməkdədir.
Bütün bunları nəzərə alaraq, qədirbilən xalqımız möhtərəm cənab Prezidentimiz İlham Əliyevi Heydər Əliyev kursuna, Heydər Əliyev ideallarına sadiq qaldığına görə, ötən 5 ildə böyük əzmkarlıqla həyata keçirdiyi inkişaf proqramına və xalqımızın rifah halının, ölkəmizin iqtisadi və hərbi potensialının misli görünməmiş bir həcmdə artmasına görə onu təkrarən Azərbaycan Respublikasının Prezidenti seçmiş və ona bir daha dövlət başçısı kürsüsünü etibar etmişdir. Yəqin ki, təntənəli andiçmə mərasimində möhtərəm Prezidentimizin proqram xarakterli çıxışı burada oturanların yadındadır. Mən o çıxışın ən mühüm məqamlarına toxunmaq istəyirəm. Ən mühüm məqam budur ki, cənab Prezident yeni bir dövrdə ölkənin müasirləşməsi proqramını irəli sürmüşdür. Müasirləşmə proqramı ölkə iqtisadiyyatının bütün sferalarını əhatə etməklə ölkənin ümumi iqtisadi inkişafını yeni bir mərhələyə çıxarmalıdır. Bu müasirləşmənin və inkişafın əsas postulatları iqtisadi dayanıqlıq, enerji, ərzaq təhlükəsizliyi, kasıblıq üzərində tam və qəti qələbənin həyata keçirilməsidir. Ölkə bütün xarakterlərinə görə yeni bir iqtisadi inkişaf siklinə daxil olur. Belə olan şəkildə əgər biz ölkəyə Yaponiya təcrübəsindəki kimi vahid bir korporasiya kimi baxıb bu gün ölkənin inkişafının həm xarici amillərini, həm də daxili amillərini analiz etsək, ölkənin uzunmüddətli inkişaf proqramlarının müəyyənləşdirilməsi, qiymətləndirilməsi, o cümlədən bu gün Milli Məclisdə dövlət büdcəsinə verilən qiymət baxımından olduqca əhəmiyyətli olardı.
Biz qısaca daxili vəziyyətə toxunduq və təbii ki, xarici fon olduqca əhəmiyyətlidir. Məndən öncə çıxış edən bütün natiqlər, demək olar ki, bu məsələyə toxundular. Dünya iqtisadiyyatında bu zalda oturan hər bir insanın həyatında hiss etmədiyi bir proses gedir. 1929-cu ildə baş vermiş böyük depressiyadan sonra biz dünya iqtisadiyyatında baş verən maliyyə böhranını yaşayırıq. Ola bilsin ki, biz bu gün bunları az hiss edirik, amma bütün dünya görür ki, nələr baş verir. Depressiyanın masştabı olduqca böyükdür, ümumdünya məhsulunun təxminən 60 faizi istehsal olunan ölkələri əhatə edibdir. Biz 100 ildən çox tarixə malik olan iri investisiya banklarının, nəhənglərin yıxılmasının şahidi oluruq. Bu gün son hesablamalara görə, iqtisadiyyatda olan taksid aktivləri təmizləmək üçün maliyyə sisteminə dövlət yardımlarının həcmi artıq 3 trilyon ABŞ dollarına gəlib çatıb. Əgər nəzərə alsaq ki, dünya iqtisadiyyatının həcmi 65 trilyon dollardır, bu da təxminən 5 faiz edir. Yəni 5 faiz həcmində bu gün iqtisadiyyata yardım göstərilibdir. Əsas fond indeksləri 50 faiz aşağı düşübdür. Bu o deməkdir ki, dünyanın kapitallaşması 50 faiz aşağı düşübdür. 2008-ci ilin ikinci yarısı və 2009-cu il bütövlükdə inkişaf etməkdə olan dövlətlərdə – Amerika Birləşmiş Ştatlarında, Yaponiyada və bütövlükdə Avropa zonasında minus artım proqnozu var və bu, İkinci dünya müharibəsindən, 1945-ci ildən sonra ilk dəfədir baş verir. Bütün bunlar baş verən böhranın dərinliyini, masştabını xarakterizə edir.
Belə bir maraqlı faktı qeyd etmək istəyirəm ki, böyük depressiyadan, böyük tənəzzüldən fərqli olaraq bu böhran dünya iqtisadiyyatının, maliyyə və birja əmtəələri bazarlarının olduqca sıx inteqrasiyası şəraitində baş verdiyinə görə bunun sirayətetmə masştabı həddindən artıq böyükdür. Ola bilər, o dövrdə başlıca olaraq Amerika qitəsinə və müəyyən miqdarda Avropaya toxunmuşdu. Amma bu gün böhran bütün inkişaf edən dövlətlərə və inkişaf etməkdə olan dövlətlərin böyük əksəriyyətinə toxunur. Ümumi şəraitdə belə bir sual ortaya çıxır ki, bu böhran Azərbaycan üçün nə dərəcədə təhlükəlidir və Azərbaycanın inkişaf proqramlarına, inkişaf perspektivlərinə necə təsir göstərə bilər? Mən komissiyaların iclasında da qeyd etdim, ölkə daxilində son 5 ildə və 1990-cı illərin ortalarından bəri görülən işlər nəticəsində həyata kecirilən radikal-iqtisadi islahatlar, yaradılmış iqtisadi potensial imkan verir ki, Azərbaycan bu gün bu böhranın sistem xarakterli təsirindən kənarda dayansın. Biz bu gün bunun şahidi oluruq. Misal üçün, bu gün Samir müəllim mənə zalda o sənədi verdi, beynəlxalq reytinq agentlikləri 20-yə yaxın inkişaf etməkdə olan, yəni bizimlə eyni statusda olan dövlətin investisiya reytinqini aşağıya salmışdır. Onların inkişaf perspektivlərini stabildən pisə, mənfiyə doğru dəyişmişdir. Bu gün Azərbaycan da reytinqli ölkədir. Düzdür, investisiya reytinqinə az qalmışıq, amma hazırda bizim reytinq haqqında danışılmır, əksinə, Beynəlxalq Valyuta Fondunun dərc etdiyi məruzəyə görə Azərbaycan bu gün ən dayanıqlı ölkələr qrupundadır. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanın bu gün böhrana yoluxması üçün heç bir fundamental, makroiqtisadi amil yoxdur.
Gəlin, bir neçə rəqəmə nəzər salaq. Bir çox ölkələr tədiyyə balansının mənfiliyindən əziyyət çəkirlər, ixracdan kifayət qədər valyuta ehtiyatları əldə etmirlər. Amma bu il Azərbaycan öz tədiyyə balansını çox əhəmiyyətli profisitlə başa vuracaqdır. Belə bir proqnoz var. Gələn ildən hətta neftin qiyməti aşağı düşəcəyi təqdirdə belə, tədiyyə balansının profisiti, yəni artıqlığı 10 milyard Amerika Birləşmiş Ştatları dollarından yuxarı olacaqdır. Bu günə strateji valyuta ehtiyatlarımızın həcmi 18 milyard 200 milyon ABŞ dollarıdır. Bizim toplam xarici borcumuz özəl sektorla birlikdə 8 milyard dollara yaxındır. Bu o deməkdir ki, bizim xarici valyuta ehtiyatlarımız bütün borclarımızı iki dəfə üstələyir.
Azərbaycanın bu gün çox böyük həcmdə likvid aktivləri var və bu, xaricdə yerləşdirilib. Bunun necə idarə olunması məsələsinə qayıdacağıq. Bu, imkan verir ki, Azərbaycan bu vəsaitlərdən həm büdcə, həm də daxili monetar, ola bilsin, kurs problemlərinin həlli üçün, tədiyyə balansının neftin qiyməti aşağı düşdüyü təqdirdə kəsirini, yaxud tələbi ödəmək üçün effektli şəkildə, manevr edərək istifadə etsin. Strateji ehtiyatlar 28 ay ərzində ölkənin idxala olan fasiləsiz tələbatını ödəyə bilər. Beynəlxalq normalarla bu, 3 ay formalaşdırılır, amma Azərbaycanda təxminən 10 dəfəyə qədər yüksəkdir. Bizim xaricdə yerləşdirdiyimiz pullar və xaricin bizdə yerləşdirdiyi pullar arasındakı fərq 11 milyard ABŞ dolları təşkil edir ki, dünyada belə ölkələr azdır. Bizim valyuta ehtiyatlarımızın 20 milyard dollara yaxınlaşması təkcə iqtisadi faktor deyil, artıq biz dünyada gedən prosesləri izləyərək bilirik ki, dünyada bu saat sərbəst maliyyə vəsaitlərinə hətta ən aparıcı dövlətlərin belə ehtiyacları var. Belə xarakterli pulları suveren fondlar verirlər. Bütövlükdə beynəlxalq və effektli siyasətdir, ölkənin beynəlxalq imicinin və beynəlxalq miqyasda rolunun güclənməsində olduqca mühüm rol oynayır. Bu vəsaitlər artdıqca ölkənin nüfuzu və potensialı da artacaqdır.
Bütövlükdə cənab Prezident tərəfindən irəli sürülmüş proqram vəzifələr məlumdur. Xarici fond məlumdur. Bu fond çox dialektivdir. Yəni 5 ildə olduqca güclü inkişaf proqramını reallaşdıran, sakit, iqtisadi sabitlik baxımından dünyada oazis kimi görünən Azərbaycan və dünyada baş verən maliyyə böhranı, maliyyə fırtınası. Belə bir şəraitdə yeni bir dövr, yeni bir inkişaf proqramının reallaşdırılması diqqətəlayiqdir.
Demək olarmı ki, biz dünyada baş verən proseslərdən kənarıq? Bu, düzgün deyil. Azərbaycan bu gün həm də bu inkişaf yolunun çox məntiqi bir nəticəsi olaraq dünya iqtisadiyyatının, dünya maliyyə və əmtəə bazarlarının bir hissəsidir. Biz bilirik ki, neftin qiymətindən Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə asılıdır. Kiçik bir faktı deyim. Azərbaycan iqtisadiyyatına xaricdə yaşayan soydaşlarımız tərəfindən il ərzində 1 milyard ABŞ dollarından yuxarı vəsait köçürülür. Biz görürük ki, bunların əksəriyyəti regionlara gedir. Bunun regionlarda həyat səviyyəsinin formalaşmasında, mən demirəm ki, həlledici, amma müəyyən rolu vardır. Təbii ki, biz proqnozlaşdırırıq və hesab edirik ki, qonşu ölkələrdəki iqtisadi durum bu istiqamətdə vəziyyətə mənfi təsir göstərəcəkdir.
Komissiyada mikroiqtisadi baxımdan suallar oldu. Təbii ki, böhranqabağı dövrdə dünyada rəqabətin kəskinləşməsi, zəiflərin bazardan çıxması və ölməsi baş verir. Belə bir kəskin böhran dövründə görürük ki, hətta bizim güclü hesab etdiyimiz banklar, nəhənglər də yıxılır. Təbii ki, bu proseslər də var. Amma bütövlükdə Azərbaycanda sistemli böhran üçün heç bir fundamental səbəb yoxdur və hökumət kifayət qədər rıçaqlara malikdir ki, situasiyanı effektli idarə etsin. İstənilən siyasət, istənilən iqtisadi strategiya konkret siyasət vasitəsi ilə formalaşır. Bu istiqamətdə Azərbaycanda da – bazar iqtisadiyyatına keçmiş bir dövlətdə də dövlətin əsas rıçaqları büdcə-vergi və pul-kredit siyasətidir.
Sizə 2009-cu il büdcəsinin əsas istiqamətləri təqdim olundu. Mərkəzi bank olaraq Milli Bankın mövqeyi bundan ibarətdir ki, bu büdcə yaxşı balanslaşdırılmış və çox təmkinli bir büdcədir. Bu, inkişaf büdcəsidir. Büdcədə investisiya xərclərinin payı 40 faizdən çoxdur. Təbii ki, bu, inkişaf büdcəsidir. Sosial xərclər büdcə xərclərindən daha çox artıb. Təbii ki, büdcənin sosial yükü böyükdür. Burada neftin qiymətlərindən danışıldı. Mən komissiyada bir faktı qeyd etmədim. Büdcənin mövcud beynəlxalq şəraitdə neftin qiymətlərinin aşağı düşməsinə ən yaxşı cavabı büdcə xərclərinin ötən illərə nisbətən daha aşağı tempdə planlaşdırılmasıdır. Bu, təbii ki, konkret bir psixoloji fonda, dünya bazarlarında baş verən maliyyə böhranı və əmtəə birjalarında baş verən hadisələr kontekstində baş verir. Burada deyilən arqumentlərə heç bir əlavə etmək istəmirəm, büdcə əhəmiyyətli dərəcədə 75 faizdən yuxarıdır və dünya bazarlarında neftin qiymətinin aşağı düşməsindən qorunubdur. Bu da onunla əlaqədardır ki, onun əhəmiyyətli bir hissəsi Dövlət Neft Fondundan transfert formasında formalaşıbdır ki, burada qiymət faktoru yoxdur.
Hesab edirəm ki, büdcə siyasəti 2009-cu ildə həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi kimi öz effektli rolunu oynayacaqdır. Lakin büdcə siyasəti siyasətin digər qanadları vasitəsi ilə, ilk növbədə monetar siyasət, pul-kredit, kurs siyasəti vasitəsi ilə dəstəklənməlidir. Qısaca olaraq bu məsələlərə toxunmaq istəyirəm. İlk növbədə monetar siyasət, o cümlədən büdcə siyasəti dolayı olaraq 2009-cu ildə iki başlıca məqsədə fokuslaşacaq: birinci, makroiqtisadi sabitlik və bunun mərkəzi elementi olan inflyasiya elementinə, ikinci, daha prioritet olan ölkədəki maliyyə sabitliyi probleminə. Bu, yeni bir çağırışdır və belə bir fokus vardır.
Qısaca olaraq inflyasiya haqqında danışmaq istəyirəm. Respublikamızda inflyasiyanın dünyada, o cümlədən ölkə daxilində gedən proseslərin nəticəsində səngiməsi baş verir. Avqust–oktyabr aylarında inflyasiyanın həddi ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə aşağı düşərək 1,7 faiz təşkil etmişdir. Bizim proqnozumuza görə, noyabr–dekabr aylarında inflyasiya keçən ildə olduğundan əhəmiyyətli dərəcədə aşağı olacaqdır. Deyirlər ki, proqnoz vermək yaxşı bir iş deyil. Mən də bir az ehtiyatla deyirəm, bu bizim ekspertlərin dedikləridir, bu il 20 faiz səviyyəsində inflyasiya gözləmək olar. Bu bizə imkan verir ki, 2009-cu ilə yaxşı bir baza ilə keçək və koordinasiya olunmuş siyasət nəticəsində gələn ilin inflyasiyasını üçüncü onluqdan ikinci onluğa salaq. Bunu nə qədər aşağı sala bilsək, bir o qədər yaxşıdır. Bu gün bunu demək çox çətindir və biz buna çox operativ reaksiya verməli olacağıq. 2009-cu ildə iqtisadi siyasət bir çox əlamətlərinə və xarakterinə görə bütün aparıcı ölkələrdə olduğu kimi, operativ xarakter daşıyacaq. Situasiya adekvat cavabvermə xarakterində olacaqdır. İnflyasiyanın tənzimlənməsi, inflyasiyanın cilovlanması bizim maliyyə sabitliyi istiqamətində görəcəyimiz pereventiv addımlardan və burada əldə edəcəyimiz nəticələrdən asılı olacaqdır. Kurs siyasəti, yəni manatın kursu başlıca olaraq əhəmiyyətli dərəcədə artıq özünün dezinflyasiya məqsədindən daha çox maliyyə sabitliyi məqsədlərinə yönəldiləcəkdir. Burada başlıca məsələ milli iqtisadiyyatımızın rəqabət qabiliyyətini qorumaq və iqtisadi çətinliklər dövründə yaranmaqda olan qeyri-neft sektorunu əlavə çətinliklərlə üzləşdirməməkdir. Amma 2009-cu ildə dezinflyasiya effekti olduqca böyükdür. Bildiyiniz kimi, manat dollara nisbətdə təxminən 4,4 faizə qədər, avroya nisbətdə isə 15 faizdən yuxarı möhkəmlənibdir. Bütövlükdə nominal effektiv məzənnə, yəni ticarət tərəfdaşlarımız olan ölkələrə rəğmən orta çəkili kurs 12 faizdən yuxarı möhkəmlənibdir. Bizim ticarət tərəfdaşlarımız olan ölkələrdə orta inflyasiya səviyyəsi 12 faiz olubdur. Bu, imkan veribdir ki, kurs siyasəti vasitəsi ilə ölkəyə gələn inflyasiya idxalını neytrallaşdıraq. Lakin bir daha qeyd eləmək istəyirəm, 2009-cu ildə kurs siyasətinin fokusu bir qədər dəyişəcəkdir.
Valyuta ehtiyatlarının idarə olunması məsələsi, hesab edirəm, millət vəkillərində də maraq doğurur. Valyuta ehtiyatlarının idarə olunması strategiyasında ciddi dəyişikliklər baş verib. Böhran dövründə bu, labüddür. Burada artıq başlıca məsələ gəlirlilik deyil, valyuta ehtiyatlarının qorunub saxlanmasıdır. Bu həm Dövlət Neft Fonduna, həm də Milli Banka aiddir. Buna görə də biz ən konservativ ssenariyə keçmişik və bu gün valyuta ehtiyatları başlıca olaraq dünyanın aparıcı ölkələrinin mərkəzi banklarında, Dünya Bankı, Beynəlxalq Hesablaşmalar Bankı kimi suveren dövlət reytinqinə malik olan təşkilatlarda saxlanılır. Bu illər Milli Bank valyuta ehtiyatlarının idarə olunmasından 150 milyon dollara yaxın vəsait götürəcəkdir. Hesab eləyirəm, dünyada müşahidə elədiyimiz itkilər fonunda bu, pis göstərici deyil. Bir daha deyirəm, bütövlükdə dövlət başçımızın da prinsipial mövqeyi bundan ibarətdir ki, bu dövrdə başlıca məsələ valyuta ehtiyatlarının qorunub saxlanmasıdır. Bu, dövlətin strateji ehtiyatlarıdır və burada gəlirlilik və alver məqsədli hər hansı əməliyyatlar, təbii ki, yolverilməzdir. Buna görə də biz bu addımları atmışıq və bu, davam etdiriləcəkdir.
Gələn il büdcə siyasətini dəstəkləyəcəyimiz ən mühüm tədbirlərdən biri pul siyasətinin əlavə olaraq yumşaldılmasıdır. Bildiyiniz kimi, biz bu illər bir neçə mərhələdə uçot dərəcəsini dəyişdirmişik və bu, 15 faizdən 10 faizə çatdırılıbdır. Hesab eləyirik ki, artıq bir neçə mərhələdə biz bu siyasəti davam etdirəcəyik. Bu günlərdə dünyanın bütün mərkəzi bankları sinxron olaraq uçot dərəcəsini aşağı salırlar, çünki iqtisadiyyatın, maliyyə institutlarının ucuz pula ehtiyacı var. Bununla onlar həm özlərinin vəziyyətlərini sabitləşdirəcək, həm də gələn il iqtisadiyyata ucuz pul lazım olacaq. Hesab edirəm, başlıca vəzifə ondan ibarətdir ki, dünyada gedən proseslər, tələbatın aşağı düşməsi fonunda Azərbaycanın qeyri-neft sektorunda resepsiyanın qarşısının alınmasıdır. Bu, əhəmiyyətli maliyyə ineksiyası tələb edir. Hesab edirəm, əsas siyasətin, maliyyə ehtiyatlarının dizaynına baxsaq, biz görərik ki, onlar harada yerləşiblər. Bu, təbii ki, Milli Bankın roludur, yenidən maliyyələşdirmə və banklar vasitəsi ilə iqtisadiyyata pul ötürülməsidir. Hökumət dövlət büdcəsində kifayət qədər qeyri-büdcə fondlarına malikdir və onlardan istifadə etməklə iqtisadiyyata müəyyən dərəcədə likvidlik vermək lazımdır. Keçən həftənin sonunda Brüsseldə iyirmiliyin maliyyə nazirlərinin toplantısı oldu. Burada gəlinən nəticə və başlıca tövsiyə ondan ibarətdir ki, mərkəzi banklar pul-kredit siyasətini, monetar siyasəti yumşaltmalıdırlar, fiskal orqanlar iqtisadiyyatda əlavə xərcləri artırıb, ona əlavə likvidlik verməlidirlər. Biz xərcləri əlavə olaraq artıra bilmərik, çünki büdcəni bugünkü formatda təsdiq edəcəyik. Amma büdcədənkənar fondlar vasitəsi ilə iqtisadiyyata əlavə likvidlik vermək olar.
Yəqin ki, mən vaxtdan çox istifadə etdim. Bir daha fürsətdən istifadə edib hamını narahat edən maliyyə sabitliyi probleminə qayıtmaq istəyirəm. Bu problem dövlət başçımızın diqqət mərkəzindədir və daim bu məsələ müzakirə olunur. Bir daha qeyd edirəm, möhtərəm Prezidentimizin başçılığı altında Azərbaycanda görülmüş işlər, yaradılmış mexanizmlər və potensial imkan verir ki, Azərbaycan gələcəyə optimizmlə baxsın. Lakin bu optimizm fəaliyyətsizlik demək deyil. İqtisadi orqanlar arasında hökumət, Milli Bank çox ciddi işlər görməlidir. Çox ciddi koordinasiya tələb olunur və bu var. Biz fəal şəkildə bu məsələləri həftəlik müzakirə edirik, qərarlar qəbul edirik. O cümlədən, yəqin ki, Milli Bank haqqında qanuna müəyyən dəyişikliklər tələb olunur. Bilirsiniz ki, İngiltərə kimi konservativ bir dövlətdə banklara yardım haqqında xüsusi bir qanun qəbul olundu. Situasiyaya adekvat cavab vermək üçün görünür ki, qanunvericiliyə də müəyyən dəyişiklik etmək lazım gələcək və bu istiqamətdə sizdən dəstək gözləyirik. Bütövlükdə hesab edirik ki, hakimiyyətin bütün qanadları arasında yaxşı təşkil olunmuş iş nəticəsində Azərbaycanı sistemli heç bir böhran gözləmir. Biz bu böhranın Azərbaycan iqtisadiyyatına olan təsirini yumşalda bilərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Elman müəllim. Hörmətli deputatlar, hesab eləyirəm ki, 2009-cu ilin dövlət büdcəsinin bütün parametrləri və göstəriciləri haqqında kifayət qədər məlumat verildi və biz artıq müzakirəyə başlaya bilərik. Xahiş eləyirəm, yazılın. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli deputatlar və media nümayəndələri! Bu gün biz ölkənin əsas maliyyə sənədini, yəni büdcəni müzakirə eləyirik. Mən komissiyanın iclasında çıxış eləmişdim və bu gün bir daha bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm.
Əvvəla, komissiyanın iclasında da qeyd olundu ki, Azərbaycanın dövlət büdcəsi neft gəlirlərindən çox asılı vəziyyətdədir və neftin qiyməti gələcəkdə aşağı düşəcəyi təqdirdə biz ciddi problemlərlə üz-üzə qala bilərik. Hər il Milli Məclisdə məsələ qaldırılır ki, hökumət büdcənin neftdən asılılığının azaldılması istiqamətində konkret addımlar atsın. Amma çox təəssüf ki, hər il büdcə layihəsi təqdim olunanda biz görürük ki, büdcə neft gəlirlərindən çox asılı bir vəziyyətdədir. Bu ənənə davam eləyir və bunu aradan qaldırmaq üçün hökumət ilk növbədə iqtisadi islahatlar həyata keçirməlidir. Bu iqtisadi islahatların da mahiyyətində o dayanmalıdır ki, iri müəssisələr özəlləşdirilməli, büdcə vəsaitləri hesabına ayrı-ayrı idman komplekslərinin, səhiyyə obyektlərinin tikintisi minimuma endirilməli və hökumət güzəştli şərtlərlə, uzunmüddətli kreditlər vermək yolu ilə sahibkarlığı inkişaf etdirməlidir.
Biz bazar iqtisadiyyatına keçirik. Amma çox təəssüf ki, bu istiqamətdə islahatlar aparılmır və nəticədə iqtisadiyyatımız sürətlə inkişaf etmir. Əlbəttə, iqtisadiyyatın inkişaf etməməsini demək doğru olmazdı, amma bu iqtisadi artım sürəti, hesab eləyirəm ki, Azərbaycanın iqtisadi potensialına uyğun deyil. Neft gəlirlərindən səmərəli istifadə olunmur. Biz çox bahalı layihələr həyata keçiririk və hesab eləyirəm ki, artıq onların həyata keçirilməsini bir müddət sonraya saxlamaq lazımdır. Əsasən regionların inkişafı, regionlarda istehsal və emal müəssisələrinin yaradılması üçün sahibkarlara uzunmüddətli kreditlər verilməlidir ki, onlar iş yerləri açsınlar. Onlara ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır. Bunun üçün investisiyaya xüsusi müsabiqələr elan olunmalı və həmin sahibkarlara bu kreditlər verilməlidir.
Bundan başqa, Elman müəllim bizim bank sistemi ilə əlaqədar danışırdı. Çox təəssüf ki, bu gün Azərbaycanda bir çox banklar xarici banklardan kreditlər götürürlər, sonra onun üzərinə bir az da özləri vəsait qoyub, faiz əlavə edib bizim iş adamlarına verirlər. Amma Elman müəllim dedi ki, bizim valyuta ehtiyatlarımız xarici banklarda saxlanılır və əsas məqsəd də gəlirlilik yox, həmin vəsaitləri qoruyub saxlamaqdır. Mən vaxtilə də bu məsələni qaldırmışdım. Mən demirəm ki, biz bütün valyuta ehtiyatlarımızı Azərbaycan banklarında yerləşdirək və əlbəttə, bu bizim bankların imkanları xaricindədir. Amma o vəsaitin bir hissəsi mütləq Azərbaycana gətirilməlidir, çünki azərbaycanlı iş adamlarının kreditlərə çox böyük ehtiyacları var. Əgər doğrudan da, Azərbaycana kənardan valyuta gətirilməsi qorxuludursa, onda niyə bizim banklar xarici banklardan kredit götürürlər? Azərbaycanın özü Beynəlxalq Valyuta Fondundan 1,2 milyard məbləğində kredit götürür. Mən hesab eləyirəm ki, bu məsələlərə xüsusi diqqət yetirmək və bu istiqamətdə ciddi iqtisadi islahatlar aparmaq lazımdır.
Burada büdcənin sosial yönümlülüyündən danışılır. Mən başa düşə bilmirəm, əgər büdcədə 38,2 faiz dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulursa, burada hansı sosial yönümlü büdcədən danışmaq olar? Bu büdcə investisiya yönümlüdür və mən hesab eləyirəm ki, bunun sosial yönümlü xərcləri artırılmalıdır.
Bundan başqa, səhiyyəyə və təhsilə ayrılan vəsaitlə bağlı fikrimi bildirmək istəyirəm. Bizdə elə cərrahlar var ki, bəzən ay ərzində 5–10 dənə ağır tibbi əməliyyatlar həyata keçirirlər və bəzən 4–5 saat xəstənin üzərində əməliyyat aparırlar. Bunların aldıqları maaş 150–200 manatdır. Biz deyirik ki, səhiyyə pulsuzdur. Amma insanların vicdanları yol vermir, bilirlər ki, dövlət həkimlərin əməyini lazımınca qiymətləndirmir, ona görə özləri həmin həkimlərə pul verirlər. Bu sahədə nizam-intizam yaratmaq üçün ilk növbədə həkimlərə, tibb işçilərinə lazımi səviyyədə əmək haqqı verilməlidir və büdcədə də bu məsələ öz əksini tapmalıdır.
Vaxtilə professorlar birinci katiblərdən çox maaş alırdılar. İndi görün, icra başçısı nə qədər maaş alır, professorlar nə qədər? İndiki dövrdə professorların maaşı 1500 manatdan az olmamalıdır. Mən bunu bütün müəllim-professor heyətinə aid etmək istəmirəm, amma onların çoxu ona görə dərs deməkdə maraqlı deyil ki, tələbələr yaxşı oxumasınlar, semestrin əvvəlində tələbələrdən pul alsınlar. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək üçün ilk növbədə əmək haqqı siyasətinə diqqət yetirməliyik. Bundan sonra bunun səmərəsi olacaq və doğrudan da, təhsildə, dövlət qulluğunda, başqa sahələrdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək mümkün olacaq.
Mən dəfələrlə bu məsələni qaldırmışam, hökumət bu barədə düşünməlidir. Gəlin, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxaq, oradakı vəziyyəti öyrənək. Bütün tanınmış universitetlərin hamısı özəldir. Azərbaycanda xüsusi təyinatlı akademiyalar istisna olmaq şərti ilə ali təhsil müəssisələri özəlləşdirilməli, tələbələrə təhsil kreditləri verilməlidir. Mən bunu ona görə söyləyirəm ki, bu istiqamətdə ciddi islahatlar aparılmalıdır. Yoxsa biz büdcədən nə qədər vəsait ayırsaq da, təhsildə ciddi nailiyyətlər əldə edə bilməyəcəyik.
Özəlləşdirmə ilə bağlı da dedim ki, iri müəssisələrin özəlləşdirilməsini sürətləndirmək lazımdır. Lazım gələrsə, onlar çox aşağı qiymətlərə özəlləşdirilməlidir. Hətta lazım gələrsə, həmin sahibkarlara kredit verilməlidir ki, qısa müddətdə o müəssisələrdə istehsalı bərpa eləsinlər, yeni iş yerləri açsınlar. Biz bu addımları atmaqla, doğrudan da, ölkədə iqtisadi sıçrayışa, ciddi iqtisadi artıma nail ola bilərik.
Bundan başqa, büdcədə qeyri-hökumət təşkilatlarına vəsaitin ayrılması nəzərdə tutulub. Bu, keçən il də nəzərdə tutulmuşdu. Bu il bu vəsait bir qədər də artırılıb. Mən istərdim ki, bu vəsait bir az da artırılsın, ən azı bir 5 milyon manata çatdırılsın.
Kütləvi informasiya vasitələrinə büdcədən vəsait ayrılması nəzərdə tutulub. Mən, yeri gəlmişkən, burada hökumət üzvlərinin olmasından istifadə eləyib deyirəm ki, elə bu gün jurnalistlər mənə müraciət eləyiblər. Onlar cənab Prezidentə də müraciət eləyiblər. Bilirsiniz ki, jurnalistlərin yaşayış səviyyəsi o dərəcədə də yaxşı deyil, onların çoxunun mənzili yoxdur. Onlar müraciət eləyiblər ki, yer ayrılsın, öz vəsaitləri hesabına mənzil tiksinlər. Amma 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Bakı Şəhər İcra Hakimiyyəti onlara bu yeri ayırmır. Çox istəyərdim ki, hökumət jurnalistlərin bu problemlərinin həllinə yardım etsin, onlara bu işdə kömək eləsin.
Mənim çıxışımı bizim müdafiəyə ayırdığımız xərclərlə bağlı məsələ ilə yekunlaşdırmaq istəyirəm. Komissiyanın iclasında da demişəm, indi də deyirəm, biz torpaqlarımızın azad olunması üçün nə canımızdan, nə də pulumuzdan keçməyə hazırıq. Bəs biz bu torpaqları necə azad eləmək istəyirik? Büdcənin cəmi 9 faizi hərbi xərclərə ayrılır. Ermənistanda bu, 12–13 faizdir. Baxmayaraq ki, Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır. Bəziləri deyirlər ki, biz nə qədər vəsait ayırırıqsa, ayıraq, onsuz da Ermənistanı Rusiya müdafiə edir, biz də Rusiyaya qalib gələ bilmərik. Amma mənim birmənalı mövqeyim bundan ibarətdir ki, əgər biz güclü ordu qurmasaq, hətta bu problemi böyük dövlətlər həll eləmiş olsalar belə, bizə çox alçaldıcı sülh təklif olunacaq. Amma bizim güclü ordumuz olsa, o halda biz bu problemi sülh yolu ilə ədalətli şəkildə həll eləyə bilərik. Ermənilər başa düşəcəklər ki, Azərbaycanın hərbi potensialı işə düşsə, doğrudan da, onlar üçün yaxşı olmayacaq və Dağlıq Qarabağda nəinki ermənilər muxtariyyət alacaq, heç orada yaşaya bilməyəcəklər. Bunun üçün də hərbi xərclər artırılmalıdır.
Mən hesab eləyirəm ki, əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan 38 faizin ən azı 10 faizi, 1 milyard manatı əlavə olaraq hərbi xərclərə ayrılmalıdır. Hökumət üzvləri də gözəl bilirlər, indi biz bəzən az qala təzə texnika qiymətinə köhnə texnika alırıq. Təlimlər zamanı həmin tankın özü partlayır və öz əsgərlərimiz ölürlər. İstismar müddəti başa çatmış təyyarəni az qala təzə təyyarə qiymətinə alırıq, o da dənizə düşür. Məhz buna görə də hərbi xərclər artırılmalıdır. Sağ olun.
Sədrlik edən. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli nazirlər, komitə sədrləri və dəvət olunmuş qonaqlar! Müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən işlənilib hazırlanmış inkişaf strategiyasının müasir mərhələdə yaradıcılıqla həyata keçirilməsi respublikamızın həyatının bütün sahələrində çox böyük uğurlara gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz proqramında müasir dövrdə ölkəni möhkəmləndirmək, onun gücünü artırmaq, Azərbaycan xalqının daha yaxşı yaşayışını təmin etmək, ölkənin qarşısında duran bütün məsələlərin həllinə nail olmaq və regionda mövqelərimizi gücləndirmək kimi məqsədlər müəyyənləşdirmişdir. Dövlətimizin başçısının ötən 5 ildəki fəaliyyəti məhz bu məqsədlərin reallaşdırılmasına yönəldilmişdir.
Ölkəmizdə demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması, sosial-iqtisadi, o cümlədən qadın və uşaq ekoloji problemlərinin həlli, turizmin genişlənməsi, sülhün və əmin-amanlığın və respublikamızda sürətli inkişafda olan səhiyyənin davamlı inkişafı üçün hər cür şərait yaradılmışdır. “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının uğurla reallaşdırılması, o cümlədən yeni istehsal müəssisələrinin yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi, geniş abadlıq, quruculuq işləri bölgələrin simasını, həqiqətən, dəyişmişdir. Son 5 ildə ölkədə yaradılmış 700 mindən çox iş yerinin tam əksəriyyəti məhz bölgələrin payına düşür.
Əhalinin sosial tələbatının həllində vacib amil hesab edilən təhsil xərcləri 4,7 dəfə, səhiyyə xərcləri 7 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 3,8 dəfə, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 4,4 dəfə, bədən tərbiyəsi və gənclər siyasəti tədbirləri xərcləri 7,1 dəfə artıb. Bunlar çox böyük göstəricilərdir.
Son 5 ildə əhalinin sosial rifahını səciyyələndirən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilir. Belə ki, orta aylıq əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə artaraq 24 manatdan 80 manata, pensiyanın minimum məbləği 5,3 dəfə artaraq 14 manatdan 75 manata, əhalinin pul gəlirləri 4,2 dəfə artaraq 14 milyard 600 min manata, adambaşına düşən pul gəlirləri isə 4 dəfə artaraq 1700 manata çatmışdır. Sosial müavinətlər və ünvanlı yardımların ödənişi sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Əhalinin həssas qruplarının maddi təminatının yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. Son 5 il ərzində ölkə əhalisinin sosial müdafiəsinin təmin edilməsində, əhalinin sosial rifahının yaxşılaşdırılmasında həm keyfiyyət, həm də kəmiyyət dəyişiklikləri baş vermişdir. İqtisadiyyatımızın ilbəil düzəldiyi dövrdə əhaliyə ödənilən pensiya və müavinətlərin, yardımların artırılması ilə yanaşı, ölkəmizdə islahatlar da aparılır, beynəlxalq təcrübəyə əsaslanan yeni sosial müdafiə mexanizmləri tətbiq edilir. Bu, əhalinin sosial müdafiəsi, yoxsulluğun azaldılması və məşğulluğun təmin edilməsi kimi fəal tədbirlərlə müşayiət olunmaqdadır.
Cari ilin 9 ayının statistikası ölkənin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini göstərir. Keçən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun istehsalı 15 faiz artaraq 30,4 milyard manata çatıb. Azərbaycan banklarında əhalinin əmanətləri 2007-ci ilin eyni dövrü ilə müqayisədə 52,2 faiz artmış, ölkənin valyuta ehtiyatları 14 milyard ABŞ dollarından çox olmuşdur. Bütün bu uğurlar ölkəmizin diqqətindən yayınmamış, xalqımız yenidən İlham Əliyevi ölkəmizin Prezidenti seçmişdir. Bu seçim Azərbaycanımızın çiçəkli gələcəyinə yeni təkan verəcəkdir.
Hörmətli millət vəkilləri, növbəti ilin dövlət və icmal büdcə layihələri Milli Məclisin müzakirəsinə vaxtında təqdim edilmiş, eyni zamanda, peşəkarlıqla hazırlanmışdır. Bu işdə müvafiq nazirliklərin, komitələrin və maliyyə naziri cənab Samir Şərifovun və onun rəhbərlik etdiyi kollektivin böyük zəhməti danılmazdır. Layihədən göründüyü kimi, növbəti ildə və ortamüddətli perspektivdə ölkə Prezidentinin müəyyən etdiyi strateji vacib məsələlər prioritet olaraq qəbul edilmiş, qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artırılmasına, qeyri-neft sektorunun, sahibkarlığın, regionların inkişafına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına üstünlük verilmişdir. Bu prinsiplər əsas götürülməklə 2009-cu il dövlət büdcəsinin gəlirləri 16,1 faiz artımla proqnozlaşdırılmışdır. 2009-cu il üçün dövlət büdcəsinin xərcləri 12,4 milyard manat olacaqdır ki, bu da 2008-ci ilə nisbətən 11,7 faiz çoxdur. Bütövlükdə dövlət büdcəsi xərclərinin 33 faizi sosial yönümlü xərclərə yönəldilmişdir ki, bu da 2008-ci illə müqayisədə 790 milyon manat və ya 24 faiz çoxdur.
Hörmətli millət vəkilləri, ölkə rəhbərliyinin, həm də hörmətli millət vəkillərinin daim diqqətində olan elm xərclərinə 2009-cu il üçün 105,8 milyon manat və 2008-ci ilə nisbətən 34,1 milyon manat çox vəsait ayrılmış, elm xərclərinin büdcədəki xüsusi çəkisi 0,3 faiz artmışdır. 2009-cu ildə elm xərclərində elmin maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı elmi tədqiqat layihələrinin Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat, Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınmasına 10 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5,3 milyon manat vəsait ayrılmışdır. Elmə olan böyük dövlət qayğısını doğrultmaq və bu sahəyə yetərincə ayrılan dövlət vəsaitinin səmərəli istifadəsini təmin etmək üçün, hesab edirəm ki, həm sahə, həm də fundamental elmdə islahatlar bir qədər də sürətləndirilməlidir.
Ümummilli liderimiz Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində milli təhsil sisteminin inkişaf etmiş dünya dövlətlərinin təhsil sistemlərinə inteqrasiyası üçün əlverişli iqtisadi, hüquqi mühit yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son dövrdə imzalanmış fərman və sərəncamlar, qəbul edilmiş dövlət proqramları, habelə təhsil işçilərinin sosial müdafiəsinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər təhsilin yeni inkişaf mərhələsinə çıxması üçün geniş imkanlar açmış, təhsil xərcləri, müstəqil proqramlar, tədbirlər əsasında tərtibi istiqamətində zəruri tədbirlər görülmüşdür. Proqramların məqsədi məktəbəqədər, orta peşə-ixtisas, alı təhsildən sonrakı və onun uyğun əlavə təhsil pilləsində əldə olunmuş uğurları getdikcə inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ hüquqi bazanı daha da təkmilləşdirmək, təhsil sistemində Azərbaycan Respublikası Konstitusiyası ilə və digər normativ aktlarla təsbit olunmuş tələblərə siyasi, iqtisadi və sosial həyatın demokratikləşdirilməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Hesab edirəm ki, bu istiqamətdə hələ çox işlər görülməli, mövcud proqramların həlli üçün aidiyyəti dövlət orqanları ilə Milli Məclisin səyləri birləşdirilməlidir. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hər birinizdən bu layihənin qəbul edilməsinə səs verməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
müavini  B. Muradova  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Nizami müəllim. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri və hörmətli mətbuat işçiləri! Biz ən əvvəl Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi zərfini komissiyaların iclasında müzakirə etdik. Komissiyalarda müzakirə zamanı ayrı-ayrı natiqlər, deputatlar və eyni zamanda, büdcənin hazırlanmasında bilavasitə iştirak edən müvafiq icra hakimiyyəti qurumları tərəfindən bizə geniş məlumat verilmiş, aşkar şəkildə büdcəmizin bu və ya digər incəlikləri ayrı-ayrı deputatlar tərəfindən dilə gətirilmiş və məsələlər dəqiqləşdirilmiş, aydınlaşdırılmışdır.
Mən hesab edirəm ki, bu il müzakirə etdiyimiz büdcəyə, ümumiyyətlə, sosial yönümlü demək bəlkə də düzgün olmazdı. Biz bunu bir neçə il bundan əvvəl deyə bilərdik. Bizim büdcəmiz sosial və iqtisadi inkişaf yönümlü, qarşısında böyük iqtisadi problemlərin həlli nəzərdə tutulan büdcədir. Ona görə biz bunu sosial-iqtisadi inkişaf yönümlü büdcə kimi qəbul edirik. Hesab edirik ki, həm sosial məsələ, həm də Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətində nəzərdə tutulan iqtisadi problemlər burada özünün maliyyə həllini tapmışdır. Ona görə də mən hesab edirəm ki, büdcəmizi sosial-iqtisadi inkişaf yönümlü büdcə kimi adlandırsaq, daha yaxşı olar.
Bəli, büdcəmiz həm mikroiqtisadi, həm makroiqtisadi, həm də monetar və fiskal məsələlərin üzvi surətdə əlaqələndirilməsi baxımından çox peşəkarlıqla hazırlanmış bir sənəddir. Əlbəttə, müzakirə vaxtı bu və ya digər qüsurları demək hər bir şəxsin öz fikridir. Amma mən hesab edirəm ki, əgər ölkəmizin iqtisadi, maliyyə gücünü əks etdirən büdcəmizin indiki gəlirləri, xərcləri, yəni büdcəmizin perspektivi 5 il bundan qabaqkına nisbətən 10 dəfəyə qədər artmışdırsa, bu bizim ölkəmizin qüdrəti, bu bizim ölkəmizin güclənməsi deməkdir. Bu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunan strategiyanın Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox uğurlu addımlarla həyata keçirilməsi deməkdir. Azərbaycan indi bölgədə ən sabit və mən deyərdim ki, iqtisadi cəhətdən, insanların güzəranının yaxşılaşması cəhətdən daha irəlidə gedən və daha yüksək göstəricilər əldə etmiş respublikalardan biridir. Bütün dünya bunu təsdiq edir. Mən hesab edirəm ki, gələcəkdə də nailiyyətlərimizin belə bir istiqamətdə davam etməsi, davamlı şəkildə həyata keçirilməsi üçün büdcəmiz balanslaşdırılmış bir mövqedə tərtib edilmişdir. Büdcə sənədlərində, ayrı-ayrı maddələrdə, elementlərdə bu, daha aydın şəkildə ozünü göstərir.
Mən Hesablama Palatası tərəfindən verilən rəydə də ədalətlilik gördüm. Orada risklərin az olması, risklərin idarə edilməsi, risklərin qiymətləndirilməsi baxımından deyilən fikirlər tamamilə iqtisadi inkişaf naziri Şahin Mustafayev tərəfindən proqnozlar barədə deyilən fikirləri təsdiqləyir. Eyni zamanda, hörmətli maliyyə nazirimiz, eləcə də Milli Bankın İdarə Heyətinin sədri tərəfindən deyilən, potensial imkanlarımızı göstərən bütün iqtisadi resursların və onun sosial yönümdə istiqamətləndirilməsi məsələləri ilə tamamilə uzlaşır. Biz bu təhlilə, o verilən qiymətə heç bir şübhə etmədən yanaşırıq və ümidvarıq ki, bundan sonra da verilən qiymətlər müvafiq orqanlar tərəfindən proseslərin icrasında özünü doğruldacaqdır.
Lakin mən bir məsələni qeyd etmək istəyirəm. Bizdə bəzən, iqtisadi dildə desək, mütləq göstəricilərlə nisbi göstəriciləri qarışdırırlar. Müzakirələrdə, hətta komissiyanın iclasında da eşitdim, belə bir fikir səsləndi ki, necə olur, əmlak vergisi Ermənistan büdcəsinin 10 faizini təşkil edir, bizdə isə, tutaq ki, 5 faizini? Əlbəttə, bu, bir nisbi rəqəmdir. Axı, bizim büdcəmizin 5 faizi qonşu ölkələrin büdcəsinin 30 faizinə bərabərdir. Yəni biz mütləq rəqəmlə nisbi rəqəmləri tutuşduranda bunu görürük. O cümlədən də elə hərbi potensialımız üçün nəzərdə tutulan xərclər barədə də bunu deyə bilərik. Əlbəttə, bütün bunların hamısı ölçülüb-biçilmiş, mən deyərdim, düşünülmüş, eyni zamanda, dünya ənənələrinə, dünyada gedən böhrana müvafiq olaraq atılmış addımlardır, elmi və praktik cəhətdən özünü doğrultmuş yanaşmalardır. Ona görə mən buna heç bir şübhə etmirəm.
Burada neftin qiyməti ilə əlaqədar müəyyən narahatlıq doğuran fikirlər söylənildi. Əlbəttə, neftin qiyməti aydın məsələdir ki, iqtisadi göstərici kimi, həm də bir siyasi prosesdir. İnkişaf etmiş ölkələr və OPEKO-ya daxil olan və ya o birliyə daxil olmayan ölkələr neftin qiymətində, əlbəttə, maraqlıdırlar. Heç kim tam təminat verə bilməz ki, bu dövlətlər hazırda neftin qiymətinin aşağı düşməsində və ya sabit saxlanmasında maraqlıdırlar. Mən hesab edirəm ki, bizim büdcədə neftin barelinin 70 dollar səviyyəsində müəyyən edilməsi optimal bir variantdır. Burada başqa bir nigarançılığın, təhlükələrin gözlənilməsinə heç bir əsas görmürəm.
İnflyasiya məsələsi də var. Milli Bankın İdarə Heyətinin hörmətli sədri həm komissiyanın iclasında, həm də bu gün Milli Məclisin üzvləri qarşısında verdiyi informasiyada bu məsələləri geniş izah etdi. Mən hesab edirəm ki, bu, inkaredilməz bir reallıqdır, harada tərəqqi, inkişaf varsa, əhalinin, cəmiyyətin pul gəlirləri artırsa, böyük məbləğdə investisiyalar cəlb olunursa, əlbəttə, orada inflyasiyanın tərəddüdünə müəyyən ehtimallar gözlənilir, əsaslar vardır. Bu bir həqiqətdir ki, əgər biz bir-birimizə uzun ömür arzulayırıqsa, bunun sonrası o deməkdir ki, müəyyən yaşa dolmaq və qocalmaq var. Əgər əmək haqqının, təqaüdlərin sürətlə artırılmasından, böyük məbləğdə investisiyaların ölkəmizə cəlb edilməsindən söhbət gedirsə və bu zaman inflyasiyanın tənzimlənməsi və cilovlanması istiqamətində ölkədə müəyyən variantlar varsa, müəyyən elmi yanaşmalar hazırdırsa, mən burada heç bir nigarançılığa əsas görmürəm. Ona görə də bu gün Milli Məclisin müzakirə etdiyi büdcə zərfini əvvəlki büdcə ilə müqayisə edərək çox yüksək şəkildə qiymətləndirirəm. Bütün deputat həmkarlarımı büdcə zərfinə yekdilliklə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Yevda Abramov.
Y. Abramov. Təşəkkür edirəm, Bahar xanım. Mən də fürsətdən istifadə edərək yeni və yenidən seçilmiş nazirləri, komitə sədrlərini təbrik edirəm, onlara bu çətin və şərəfli işlərində uğurlar diləyirəm. Arzu edirəm ki, onlar xalqın daha da yaxşı yaşaması, maddi rifah halının daha da yaxşılaşdırılması üçün əllərindən gələn bütün işləri görsünlər, bütün qüvvə və bacarıqlarını əsirgəməsinlər. Bu gün Milli Məclisdə çox ciddi dövlət və maliyyə sənədinin müzakirəsi gedir. Mən ona görə ciddi deyirəm ki, bu həm Milli Məclisə çox ciddi olaraq təqdim edilməli və həm də müzakirədə iştirak edən hər bir deputat vətəndaşlıq borcunu yerinə yetirərək ona obyektiv münasibət bəsləməlidir. Yəni bu sənədin müzakirəsində hər bir kəs partiya mənsubiyyəti, iqtidar və ya müxalifət mövqeyindən, kontekstindən deyil, bir Azərbaycan vətəndaşı kimi onun ən yaxşı məziyyətləri və çatışmayan cəhətləri haqqında bir insani mövqe tutmalıdır.
Mən geniş çıxışıma başlamamış, büdcənin ərsəyə gəlməsində əməyi, zəhməti olan bütün orqanların, – mən ad çəkmirəm, – sədrlərinə, üzvlərinə, ekspertlərin hamısına minnətdarlığımı bildirirəm ki, belə gözəl, sanballı maliyyə sənədini bizə təqdim ediblər. Mən onu oxumuşam və əvvəlki sənədlərlə də müqayisə etmişəm. Düzdür, burada bəzi həmkarlarım dedilər ki, builki büdcə sosial yönümlü deyil və hansısa bir faiz də çıxardılar. Amma mən bununla razı deyiləm. Yaxşı ki, həmkarım Xanhüseyn Kazımlı buna daha dolğun cavab verdi. Mən bir daha bəyan edirəm ki, onun sosial yönümlüyü faiz ölçüsündə götürülməməlidir. Əslində, büdcənin sosial yönümlüyü bütün bölgü paraqraflarında özünü əks etdirir. Bizim hərbi xərclərimiz də, təhsilə ayrılan xərclər də əvvəlki illərdən daha çoxdur. Büdcənin ümumi faizində daha böyük rəqəm təşkil edir.
Bu il olmasa da, gələn illərin büdcələrinin tərtibi üçün mən bir təklif verərdim. Mən bu il rayonlara görə büdcənin bölünməsinə diqqətlə nəzər yetirdim. Elə bil ki, riyazi olaraq bu xərcləri ikiyə vurublar. Amma biz dünya təcrübəsindən görürük ki, büdcə rayonlar, regionlar üzrə təsnifatlaşanda o regionların spesifik iqtisadi inkişaf xüsusiyyətləri nəzərə alınsa, daha yaxşı olar. Məsələn, elə regionlar var ki, inkişafa doğru gedir, eləsi də var ki, inkişafdadır. Məsələn, mən nəyi nəzərdə tuturam? Azərbaycanın şimal bölgəsində, Bahar xanım, iki rayon – Quba və Xaçmaz vaxtilə iki inzibati rayon ərazisində yaranmışdı. Quba rayonu həm Qonaqkənd, həm də Quba rayonu idi. Xaçmaz rayonu həm Xudat rayonu idi, həm də Xaçmaz. Deməli, büdcədə bu məsələlər nəzərə alınanda bunların payına iki rayonun əmsalı verilməlidir. Məsələn, Qusar Rusiyanın sərhədində yerləşən, perspektiv inkişafı olan bir rayondur. Təbii ki, burada yaşayan insanlar Rusiyada gedən inkişafı görürlər. Bu rayonun da büdcəsi ayrılanda spesifik parametrlər nəzərə alınmalıdır. Bu il üçün olmasa da, gələcəkdə bu məsələlər komissiya tərəfindən nəzərə alınmalıdır.
Bildiyiniz kimi, bu il Prezident seçkilərində Prezidentin vəkilləri kimi ayrı-ayrı deputatlar, respublikanın tanınmış elm xadimləri bölgələrdə olmuşlar. Bahar xanım, biz, təbii ki, bu göruşlərdə seçicilərimizlə də görüşmüşük və onların bizə çoxlu müraciətləri olub. Həmin müraciətlər büdcə ilə daha əlaqəli olduğu üçün mən onların bir neçəsini burada qabartmaq istəyirəm. Düzdür, hörmətli deputatımız Ziyad Səmədzadə ilə birlikdə insanların sosial problemlərinin həlli üçün hökumətə – Artur Rasizadəyə bir məktub yollamışıq, fikirlərimizi bildirmişik. Amma burada bir sıra nazirlərin və komitə sədrlərinin iştirakını nəzərə alaraq mən bəzi məsələləri onların nəzərinə çatdırmaq istəyirəm. Yəqin ki, dövlət investisiyasından ayrı-ayrı nazirlərə də ayırmalar olacaq. Arzu edərdim ki, həmin vəsaitdən bizim regionda olan və hamını düşündürən problemlərə də vəsaitləri yönəltsinlər.
Yəqin ki, millət vəkillərinin yadındadır. Mən keçən il hökumətin hesabatında bu məsələni demişdim. Quba rayonuna artıq ilk qar yağıb. Temperatur mənfi 2-dir. İnanın ki, evlərdə də temperatur belədir. Çoxları inanmaz, amma mənim həmkarım Vahid müəllim də buradadır, o boyda rayonda qaz yoxdur. Xalq da deyir ki, siz qazı Gürcüstana, Yunanıstana satırsınız. Qaz kəmərindən böyük pafosla danışırıq. Bu çox gözəldir, mən də Azərbaycanın bu uğurları ilə qürur duyuram. Mən istəyirəm ki, bizim qazımız nəinki Avropaya, bütün dünyaya getsin. Amma bir məsəl var: əvvəlcə evin içi, sonra çölü. Biz bir dəfə Vahid müəllimlə Əlixan Məlikovun yanında olmuşuq. O bizi gözəl qəbul elədi və bir-iki gün qazın verilməsi də yaxşılaşdı. Bahar xanım, inanın ki, bu rayonda vəziyyət çox ağırdır. Mən iki gündür, cib telefonumu söndürmüşəm. Özüm srağagün komissiyanın iclasına da gəlməyib, ora getmişəm, vəziyyəti gözümlə görmüşəm. Son iki ildir, qaz idarəsinin müdiri Qubada qaz problemini həll etməkdənsə, respublika üçün də, Quba üçün də böyük problem yaradıb. Baxmayaraq ki, deputatlar onlara daim kömək edir. Biz orada Bakı səviyyəsində müşavirə çağırmışıq. Yığım məsələsini yaxşılaşdırmışdıq, amma çox təəssüflər olsun ki, bu gün rayonda minlərlə insan əzab çəkir. Onlar bizə dönə-dönə tapşırırlar ki, heç olmasa, ikinizdən biriniz Milli Məclisə səsimizi çatdırın.
Mən Milli Məclisin Televiziya mərkəzindən xahiş edirəm ki, hansı cümlələrimi istəyirlər kəssinlər, buna razıyam, amma bu dediklərimə toxunmasınlar, heç olmasa, rayon, bölgə bilsin ki, biz burada elə-belə oturmamışıq, kiminsə yerini tutmamışıq. Bu, böyük dərddir. Bizim qəsəbədə Oqtay müəllim də olub, çox abad bir qəsəbədir. Əhalinin 25 faizi Moskvaya, övladlarının yanına gedib, Bahar xanım. Heydər Əliyev Fondu və Dövlət Neft Şirkəti tərəfindən gözəl məktəblər tikilib. Misir Mərdanov da, Siyavuş müəllim də Qırmızı qəsəbə məktəbinin açılışında olublar. Gözəl məktəbdir. Bir nəfər insan babasının adını daşıdığı üçün bu məktəbə yarım milyon dollar vəsait qoyub. Amma bu cür gözəl sinif otaqlarında uşaqlar çantalarında odun gətirir, odun peçi yandırırlar, çünki orada ocaqxana qazla işləyir, mazut da yoxdur. Ona görə nazirliklər, əlaqədar təşkilatlar, heç olmasa, gələn il büdcə vəsaitindən bu məsələləri həll etsinlər. Qışın hələ oğlan çağı qalıb. Bir mütəxəssis versinlər, ya mənimlə, ya da Vahid müəllimlə rayona gedək. Bütün məsələləri burada qabartmaq istəmirəm, amma yerindəcə bütün səhvləri həmin mütəxəssisə deyim, camaatı bu bəladan qurtarsınlar. Məntəqələrdə yeni qaz kəmərləri açılır, sayğaclaşdırma prosesi qurtarıb, amma qaz yoxdur.
Fürsətdən istifadə edərək bir məsələni də qeyd etmək istəyirəm. Yəqin ki, bir sıra məsələləri Vahid müəllim deyəcək. Bizim Küpçalqışlaq, Vəlvələ, Dəlləkkənd kəndlərinin su aparma qorxusu var. Yəqin, cənab Əhmədzadə bu məsələləri bilir. Xüsusilə Vəlvələ kəndinin vəziyyəti çox ağırdır, Bakı yolunu tamamilə suyun aparması təhlükəsi var. Əgər büdcə xalqa xidmət etmirsə, bu büdcədən xalq faydalanmırsa, biz bu tribunadan ən gözəl, bəlağətli sözlər işlətsək də, xalq bizə inanmır. Büdcə xalqa işləməlidir. Büdcə nazirə, deputata, ayrı-ayrı məmura işləməməlidir. Xalq, doğrudan da, hiss etməlidir ki, cənab Prezident...

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Fəzail Ağamalı.
F. Ağamalı. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar, media təmsilçiləri! 2009-cu il dövlət büdcəsinin sənədləri həm həmkarımız Ziyad müəllim, həm maliyyə naziri, həm iqtisadi inkişaf naziri, həm də Milli Bankın İdarə Heyətinin sədri səviyyəsində bizə çox peşəkar səviyyədə təqdim olundu. Eyni zamanda, Hesablama Palatasının sədri Heydər Əsədov tərəfindən də ayrı-ayrı müddəalar diqqətimizə çatdırıldı. Mən demək istərdim ki, bu cür yüksək peşəkar səviyyədə təqdim edilmiş sənəd və eyni zamanda, reallıq bir daha onu sübut edir ki, bu gün Azərbaycanda hakimiyyət peşəkar insanların əlindədir və əsası 1990-cı illərin ortalarından qoyulan iqtisadi islahatlar hər il özünün daha yüksək səviyyədə bəhrəsini verməkdədir. Artıq Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri səviyyəsinə doğru ciddi addımlar atmaqdadır, regionun güclü lider dövlətinə çevrilməkdə və bu statusu qazanmaqdadır. Bunların hamısı reallıqdır, bunların hamısı etiraf edilməkdədir. Kimin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan, sözün əsl mənasında, peşəkar bir komanda ilə yüksək səviyyədə idarə olunmaqdadır və bu idarəolunmanın fəlsəfəsi Azərbaycan xalqının milli maraqlarına xidmət eləyir, dövlət maraqlarına tam mənada cavab verir.
Mən deyilmiş olan fikirləri təkrar etmək niyyətində deyiləm, sadəcə olaraq, bir-iki məqamın üzərində dayanıb, təkliflərimə diqqətinizi cəlb etməyə çalışacağam. Ötən il Azərbaycanda vergi sistemində vahid pəncərə sisteminin tətbiq olunması mühüm addım oldu. Gəlin, etiraf eləyək ki, bu, sahibkarlığın inkişafına ciddi önəm verdi, bürokratiyanın aradan qaldırılmasında xüsusi rol oynadı. Xırda və orta sahibkarlığın inkişafına ciddi və həlledici təsir göstərdi. Bu, etiraf olunmalıdır. Həm də o etiraf olunmalıdır ki, 2007-ci ildə Azərbaycanda infrastruktur layihələrinin reallaşmasında mühüm addımlar atıldı, həm də ən önəmli cəhət ondan ibarət oldu ki, bu infrastruktur layihələrinin reallaşmasını sərmayələşdirən, maliyyələşdirən Azərbaycan dövləti oldu. Deməli, Azərbaycan dövləti bu gün ciddi xarakter daşıyan layihələrini maliyyələşdirmək imkanlarına malikdir. Əgər bunun üzərinə Bakı–Tbilisi–Qars dəmir yolunu gəlsək, Azərbaycanın Gürcüstana ayırmış olduğu vəsait də dediklərimizə bir daha sübutdur. Həm də o etiraf olunmalıdır ki, bu gün Azərbaycanda büdcənin formalaşmasında əsas rol oynayan strukturlar öz üzərinə düşən vəzifələri uğurla yerinə yetirirlər. Bu, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər strukturlardır. Əlbəttə, büdcədən maliyyələşən bir millət vəkili kimi, düşünürəm ki, onlara bu baxımdan təşəkkür etməyimizə dəyər.
Mən digər uğurlar üzərində dayanmadan bəzi təkliflərimi qeyd etmək istərdim. Bildiyimiz kimi, bu gün Azərbaycanda büdcənin formalaşmasında neft sektoru mühüm rol oynayır. Ölkə Prezidentinin iradəsi birmənalı şəkildə neft sektorundan əldə edilmiş gəlirin insan faktoruna, insan potensialının reallaşmasına və bu müstəvi üzərində Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlib və bu, son dərəcə düzgün, düşünülmüş və gələcəkdə perspektivdə ciddi nəticə verə biləcək bir strategiyadır. Ona görə də, məncə, hökumət növbəti ildə informasiya və kommunikasiya texnologiyaları ilə bağlı layihələrin hazırlanmasına, reallaşmasına və bununla əlaqədar xüsusi investisiya proqramlarına ciddi əhəmiyyət verməlidir. Əgər nəzərə alsaq ki, bu gün informasiya və kommunikasiya texnologiyaları qlobal iqtisadiyyatın bütün sahələrində ciddi effektlər doğurmaqdadır və bu effektlər son illərdə Azərbaycanda da özünü göstərməkdədir, deməli, bu sahəyə ciddi fikir vermək lazımdır. Düşünürəm ki, gələcəkdə bizim büdcəmizin neftdən, təbii ehtiyatlardan asılılığının azaldılmasında bu faktorun ciddi rol oynayacağını nəzərə almaqla bu sahəyə xüsusi investisiyaların ayrılmasına ehtiyac var.
Hörmətli millət vəkillərinin xatirindədir, bu yaxınlarda biz Azad iqtisadi zona ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul etdik. Düşünürəm ki, bu, ciddi qanundur və yəqin ki, bu yaxınlarda biz onu qəbul edəcəyik. Məncə, belə bir zonalarda məhz informasiya və kommunikasiya texnologiyalarının istehsalı, eyni zamanda, proqramlaşması ilə bağlı layihələrə xüsusi diqqət verməliyik. Düşünürəm ki, bu, təkcə ölkə daxilində deyil, eyni zamanda, Azərbaycanın yaxın ətrafı üçün də cəlbedici ola və Azərbaycan bu istiqamətdə özünə xeyli gəlir gətirə bilər.
İkinci toxunacağım məqam aqrar siyasət və kənd təsərrüfatı ilə bağlıdır. Mən sovet dönəmində ali məktəbdə işləyəndə deyirdilər ki, Azərbaycanın kənd təsərrüfatından əldə olunan gəlir 49 milyon insanın daha yüksək səviyyədə yaşamasına imkan verir. Xatırlatmaq istəyirəm ki, 11 iqlim zonasının 9-u Azərbaycandadır, Azərbaycan çox zəngin yerüstü imkanlara malikdir və sair. Deməli, Azərbaycanda kənd təsərrüfatına xüsusi diqqət və hökmən böyük əhəmiyyət verilməlidir. Son dövrlərdə ölkə Prezidentinin bu istiqamətdə atmış olduğu addımlar, əlbəttə, təqdirəlayiqdir, alqışlanmalıdır. Lakin bu gün əgər taxıl istehsal edən fermer o taxılı bazara çıxarıb sata bilmirsə, artıq bu, problemdir. Deməli, bunun üzərində düşünmək lazımdır.
Bu yaxınlarda regionlardan məktub almışam. Deyirlər ki, biz taxıl istehsal etmişik, amma onu 40 qəpiyə sata bilmirik. Bizə ən aşağı qiymət – 20 qəpik təklif edirlər. 20 qəpik məhsulun maya dəyərindən də aşağı qiymətdir. Ona görə nə etmək lazımdır? Bu yaxınlarda İsmət Abasov televiziyada çıxış edib dedi ki, əlavə dəyər vergisini bərpa etmək, daxili bazarlarda fermerlərin maraqlarını qorumaq lazımdır. Digər tərəfdən, bu yoxdursa, mən hörmətli İsmət Abasovdan xahiş edərdim ki, fermerlərdən həmin taxılı ehtiyat fondu üçün alsınlar. Xaricdən almırlar, qoy bunu ölkə daxilindən alsınlar. Beləliklə, bu həm taxıl istehsalçıları üçün maraqlı olsun, həm də özünün digər problemlərini həll eləsin.
Başqa təklifim ondan ibarətdir ki, kənd təsərrüfatını inkişaf etdirmək üçün, məncə, bu gün yerüstü su kanallarının çəkilməsinə böyük ehtiyac var. Suvarma sistemini təkmilləşdirmək üçün təkcə yerin təkindən deyil, yerin üstündən də gedən kanalların çəkilməsinə böyük ehtiyac var. Mənə elə gəlir ki, suvarma sisteminin yaradılması üçün Azərbaycan bu gün kifayət qədər maliyyə imkanlarına malikdir.
Sonda, seçilmiş olduğum Salyan–Neftçala seçki dairəsinin bəzi problemlərini diqqətinizə çatdırmaq istəyirəm. Hər şeydən əvvəl deyəcəklərim qazlaşma ilə bağlıdır. Mən Əlixan müəllimlə söhbət etdim və məlum oldu ki, bəzi kəndlərin qaz problemi 2009-cu ilin proqramına salınıb. Mən çox istərdim və arzulayardım ki, bu, reallaşsın. Çünki ildən-ilə yubadılır, o biri ilə keçirilir və problem olaraq qalır. Bu insanların qaza olan ehtiyaclarını ödəmək lazımdır.
Digər tərəfdən, orada 6 kəndi birləşdirən 16 kilometrə yaxın yol var. Bu yol hökmən xüsusi investisiya proqramına salınmalıdır, çünki onun çəkilməsi böyük vəsait tələb edir. Mən hörmətli maliyyə nazirindən xahiş edərdim ki, bu məsələyə də baxsın və mənim xahişlərimi yerinə yetirsin. Mən bu layihəyə səs verəcəyəm və bütün millət vəkillərini də buna dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nazim Məmmədov.
N. Məmmədov. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Təbii ki, 2009-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi çox təqdirəlayiqdir və bunun ətrafında nəinki 10 dəqiqə, saatlarla danışmaq olar. Mən çox vaxt almayacağam. Təbii ki, regionlara səfəri zamanı burada səsləndirilən bəzi məsələləri ölkə başçısının özü görüb. Bu məsələləri biz qaldırmamışdan öncə ölkə başçısı qeyd edib ki, ən ucqar kəndlərə yollar da çəkilməlidir, sərhəd kəndlərinə qaz da verilməlidir. Bunun “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı çərçivəsində aparılacağı, təbii ki, gözlənilir və bu haqda müvafiq tapşırıqlar verilib. Mən məruzəçilərin çıxışında diqqətimi çəkən bəzi məqamlara toxunmaqla bir neçə sual və təklifimi vermək istərdim. Təbii ki, Milli Bankın İdarə Heyəti sədrinin çıxışı çox gözəl və ətraflı oldu. Bizim vaxtilə mətbuat orqanlarında münasibət bildirdiyimiz məsələlərin bir çoxu cavablandırıldı. Fürsətdən istifadə edərək bir sualı da burada səsləndirmək istəyirəm. Milli Bankın sədri kommersiya banklarının resurslarla bağlı probleminin həll edilməsi üçün Milli Bankın bir proqram layihəsini həyata keçirəcəyini vurğuladı. Bu, nə vaxta planlaşdırılıb? Ümumiyyətlə, “Milli Bank haqqında” Qanunun müvafiq bəndlərinin dəyişdirilməsinə ehtiyac olduğu göstərildi. Mən arzu edərdim ki, həmin qanun layihəsinə baxılan zaman “stabilləşmə resursları haqqında” maddədə müəyyən məhdudiyyət var, o götürülsün. Nə vaxt Milli Bank bu proqramı qəbul etmək istəyib və Milli Bank uçot dərəcəsinin aşağı səviyyəsini nədə görür?
İkinci sualım Hesablama Palatasının sədrinədir. Hesablama Palatasının sədri də şəffaflıqla müvafiq layihələrin həyata keçirilməsi ilə bağlı geniş çıxış elədi. Mən bu barədə Heydər müəllimlə danışmışdım. Regionlarda həyata keçirilən infrastruktur layihələrinin şəffaflığının qorunması ilə bağlı sorğular verməyə ancaq müvafiq komissiyanın ixtiyarı var. “Hesablama Palatası haqqında” Qanunda yazılıb ki, infrastruktur layihəsinin yoxlanılması, yəni şəffaflığın və büdcə xərclərinin nə dərəcədə qanunamüvafiq aparılması ilə bağlı müraciəti ancaq müvafiq komissiya edə bilər. Xahiş edərdim ki, qanunda dəyişikliklər olacağı təqdirdə hər bir deputatın hüququ tanınsın və göstərilsin ki, deputatların ayrı-ayrı müraciətləri ilə Hesablama Palatası müvafiq yoxlamalar apara bilər.
Üçüncü sualım hörmətli maliyyə nazirinə və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinədir. Hörmətli maliyyə naziri çıxışında qeyd etdi ki, 2009-cu il dövlət büdcəsində özəlləşdirmə qabağı sağlamlaşma üçün dövlət büdcəsində 20 milyon manat vəsait nəzərdə tutulur. Ancaq qanun layihəsinin gəlirlər hissəsində isə, təbii ki, dövlət əmlakından gəlirlər 4000 və 4700 manat proqnozlaşdırılır. Bu 20 milyon manat əvvəlki illərin təcrübəsinə əsaslanıb proqnoza salınıb, yoxsa, bu, planlaşdırılırmı? 20 milyon manatdan sonra, təbii ki, 2010-cu ilin büdcəsində biz nə qədər gözləntilər gözləyə bilərik? Özəlləşdirmədən daxilolmalar proqnozunu nəzərə alsaq, – 2008-ci ildə dövlət büdcəsi kəsirlə proqnozlaşdırılanda da çıxış elədim, – inkişaf etməmiş qiymətli kağızlar bazarına dövlət əmlakından, özəlləşdirmədən 1 milyarddan yuxarı vəsait yığmaq qeyri-mümkündür. O baxımdan mən bu sualımın cavabını eşitmək istəyərdim. Yaxşı olardı ki, o 20 milyon manatı biz sosial ipotekaya və ya digər layihələrə yönləndirək. Mən, təbii ki, 2009-cu il dövlət büdcəsinin layihəsinə səs verəcəyəm.
Mən bir məsələni də deyim. “Azəriqaz”dan çox danışıldı. Mən bu problemin kökünə diqqəti çəkmək istəyirəm. Bizdə belə bir məsələ qoyulub ki, “Azəriqaz” yığılan pullardan investisiya layihələrinə vəsait yönəltməlidir. Mən hesab eləyirəm ki, bu, düzgün deyil. “Azəriqaz”a kifayət qədər investisiya yönəltmək lazımdır ki, “Azəriqaz” dövlət infrastruktur layihələrinin həyata keçirilməsində əliaçıq olsun. Necə deyərlər, həm sərhəd kəndlərinə qazlar çəkilsin, həm də Azərbaycanın qazlaşmamış digər regionlarında “Azəriqaz” investisiya layihələrini həyata keçirə bilsin. Mən bir daha hörmətli hökumət üzvlərinə işlərində uğurlar arzulayıram. Təbii ki, qanun layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da sənədə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli xanımlar və cənablar! 2009-cu il dövlət büdcəsinin zərfi dərin sosial-iqtisadi təhlilə və balanslaşdırılmış iqtisadi siyasətə əsaslanan “Büdcə sistemi haqqında” Qanunun tələblərinə tam cavab verən mükəmməl bir maliyyə sənədidir. Büdcə layihəsinin təhlili göstərir ki, banisi və qurucusu ümummilli lider Heydər Əliyev olan Azərbaycan dövləti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında 2009-cu ildə daha da qüdrətlənəcək, xalqımızın sosial rifah halı daha da yaxşılaşacaqdır. Büdcə layihəsinə çox ətraflı və yüksək səviyyəli rəy hazırlamış Hesablama Palatasının dəqiq qeyd etdiyi kimi, 2009-cu ilin büdcəsi investisiya yönümlü inkişaf büdcəsi olacaqdır.
Dövlət büdcəsinin gəlirlərinin 2008-ci ildəkindən 16,1 faiz, xərclərinin isə 11,7 faiz çox nəzərdə tutulması, əhalinin pul gəlirlərinin 22,5 faiz, orta aylıq əmək haqqının isə 26 faiz artması gözlənilir ki, bu da vətəndaşlarımızın gələn il daha yaxşı yaşamasının maddi təminatı kimi qiymətləndirilməlidir. 2009-cu ildə təhsil xərclərinin 21,2 faiz, səhiyyə xərclərinin 31,9 faiz, sosial müdafiə xərclərinin 39,3 faiz artmasının proqnozlaşdırılması onu göstərir ki, sosial sahəyə xüsusi diqqət dövlətimizin daxili siyasətinin prioritet istiqaməti olaraq qalmaqdadır.
Dövlət büdcəsinin 10, 9 faizinin təhsil xərclərinə ayrılması bizə belə bir qənaətə gəlməyə əsas verir ki, təhsil sahəsində son illərdə aparılan uğurlu islahatlar və inkişaf növbəti ildə də davam edəcəkdir. Təhsilin ayrı-ayrı sahələrinin dövlət proqramları çərçivəsində maliyyələşdirilməsi təcrübəsinin də uğurlu addım kimi, qeyd etməklə bildirmək istəyirəm ki, hal-hazırda bu sahədə 15-ə yaxın dövlət proqramı qəbul edilmiş və fəaliyyət göstərir. Son illərdə geniş vüsət almış yeni məktəb binalarının tikilməsi, mövcud məktəblərin əsaslı təmir edilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi cənab Prezidentimizin və hökumətimizin təhsil sahəsində xüsusi qayğısının ifadəsidir.
Bu sırada mənim təmsil olunduğum Gəncə şəhərində də xeyli iş görülmüş, son iki ildə Gəncədə 16 məktəb əsaslı təmir olunmuş, bir yeni məktəb binası tikilib şagirdlərin istifadəsinə verilmişdir. Bu qayğı və diqqət üçün seçicilərim adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm və inanıram ki, növbəti ildə də Gəncədə təhsilin inkişafına dövlət qayğısı davam edəcəkdir.
2009-cu ildə səhiyyə xərclərinin 509 milyon manat, cari ildəkindən 31,9 faiz çox olacağı nəzərdə tutulur. Heç şübhəsiz ki, son illərdə səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi regionlarda, gözəl və müasir müalicə-diaqnostika mərkəzlərinin açılması, səhiyyənin prioritet istiqamətləri üzrə 9 dövlət proqramının qəbul edilməsi və həyata keçirilməsi böyük nailiyyətdir və gərgin işin bəhrəsidir. Ancaq səhiyyə sahəsində problemlər də az deyildir və bu problemlərin bir çoxunun həlli üçün büdcədən vəsait nəzərdə tutulması gərəkdir. Onlardan bəzilərini hörmətli hökumət üzvlərinin və millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm.
Ötən il icbari tibbi sığorta sisteminin işə düşməsi üçün müəyyən təşkilati tədbirlər həyata keçirildi. Büdcədən 4 milyon manat vəsait ayrıldı, lakin hansı səbəbdənsə nə vəsait xərcləndi, nə də tibbi sığorta fəaliyyətə başladı. Bu il eyni məqsədlə 5 milyon manat vəsait nəzərdə tutulur. Çox istərdim ki, hörmətli səhiyyə nazirimiz bu sahədəki perspektivlər barədə Milli Məclisə məlumat versin. Tibbi elmi tədqiqat institutlarının güclü kadr potensialı olsa da, maddi-texniki bazası bərbad vəziyyətdədir. Bunların bəziləri sovet dönəmindən bəri nə təmir olunub, nə də avadanlıq alınıb.
Çox ciddi bir faktı hörmətli millət vəkillərinin və hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Azərbaycanda ölənlərin 48 faizi ürək-damar xəstəliklərindən, dörddə biri isə təkcə miokard infarktından dünyasını dəyişir. Ancaq nə Elmi Tədqiqat Kardiologiya İnstitutunda, nə də digər dövlət tibb müəssisələrində ürək damarlarını müayinə etmək üçün alternativi olmayan anqioqraf cihazı var. Məsələnin ciddiliyini nəzərə alaraq, təklif edirəm ki, ürək-damar xəstəliklərinin profilaktikası və müalicəsi ilə bağlı dövlət proqramı hazırlansın. Büdcə layihəsində Elmi Tədqiqat Kardiologiya, Travmatologiya, Pediatriya, Milli Profilaktika, Tibbi Bərpa institutlarının maddi-texniki bazasının müasirləşdirilməsi və təmiri üçün vəsait ayrılsın.
Sosial məsələlərdən danışarkən təhsil və tibb işçilərinin əmək haqlarının artırılması məsələsinə də diqqət çəkmək lazımdır. Düzdür, bu kateqoriyadan olan şəxslərin əmək haqları ilbəil artırılır və 2009-cu ilin büdcəsində də müəyyən artım nəzərdə tutulmuşdur, lakin müəllimlərin və həkimlərin əmək haqları hələ də respublika üzrə orta aylıq əmək haqqından geri qalmaqdadır. Əgər biz Azərbaycanda sosial stabilliyin davamlı təminatçısı olan orta təbəqənin yaranmasına çalışırıqsa, bunu ilk növbədə təhsil və səhiyyə işçilərinin hesabına etməliyik.
Turizm, sanatoriya və kurort xidmətlərinin inkişafı qeyri-neft sektorunun prioritet istiqaməti kimi əhəmiyyətlidir və Azərbaycanda kifayət qədər potensialı olan sahədir. Bu haqda xeyli müddətdir ki, danışılsa da, təəssüf ki, ortada qənaətləndirici əməli nəticə yoxdur. Bu səbəbdən də Azərbaycandan xaricə ildə on minlərcə turist getdiyi halda, ölkəmizə gələn xarici turistləri barmaqla saymaq olar. Ölkəmizin Xəzəryanı sahili, meşə və dağ zolaqları kimi turizm əhəmiyyətli əraziləri, Naftalan, Naxçıvanın Duz dağı kimi unikal təbii müalicə yerləri olduğu halda, xarici turisti cəlb edə biləcək səviyyədə istirahət və müalicə-kurort müəssisələrinin olmaması təəssüf doğurur. O da təəssüf doğurur ki, Azərbaycanda bir dənə də olsun uşaq sanatoriyası yoxdur. Hesab edirəm ki, turizmin inkişafına yönəldilən dövlət kreditlərinin və subsidiyaların məbləği artırılmalıdır.
Son olaraq, inanmaq istəyirəm ki, millət vəkillərinin söylədiyi fikirlər, təkliflər, xoşməramlı tənqidlər hökumət üzvləri tərəfindən nəzərə alınacaq, imkan daxilində layihədə dürüstləşmə aparılacaqdır. Büdcə layihəsinin lehinə səs verəcəyəm. 2009-cu ildə Prezidentimizə və hökumətimizə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm, Musa müəllim. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ictimai həyatın digər sahələri ilə yanaşı, çoxsaylı Azərbaycan iqtisadiyyatı yeni dövrə qədəm qoydu. 1990-cı ilin əvvəllərində kəskin şəkildə tənəzzülə məruz qalan ölkə iqtisadiyyatı elə həmin onilliyin sonlarından başlayaraq dinamik inkişaf yolunu seçdi. Son 5 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatımız daha sürətlə inkişaf etmişdir. Bu artım tempi yaxın illərdə də saxlanılacaqdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ölkəmizdə ümumi daxili məhsulun həcmi 2008-ci ildə 53,3 milyard dollar, 2009-cu ildə isə 68 milyard dollar civarında olacaqdır. Son 5 il ərzində ölkə iqtisadiyyatına 44 milyard dollar sərmayə qoyulmuşdur. Bu, müstəqillik dövründə qoyulan investisiyaların 77 faizi deməkdir. 2003-cü ildə ölkənin valyuta ehtiyatı 1,6 milyard dollar təşkil edirdisə, bu ilin sonuna bu rəqəm 18 milyard dollardan çox olacaqdır. Bunun nəticəsi olaraq dövlət büdcəmiz 5 ildə 10 dəfə artmışdır. 2003-cü ildə 1,2 milyard dollar təşkil edən büdcəmizin 2008-ci ildə 13,8 milyard dollar olacağı gözlənilir. Bu, 11 dəfə artım deməkdir.
Bu gün Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2009-cu ilin büdcə layihəsi çox mükəmməl hazırlanmışdır. Hörmətli komissiya sədri Ziyad müəllimin, nazirlərimiz Samir Şərifov, Şahin Mustafayev, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Heydər Əsədov büdcə zərfi ilə bağlı ətraflı məlumat verdilər. Büdcə zərfindən göründüyü kimi, 2009-cu ildə hökumətin diqqət verəcəyi məqamlar regionlarda və iqtisadiyyatın qeyri-neft sektorunda yeni müəssisələr yaratmaqla iqtisadi inkişaf tempini saxlamaq, rəqabətə davamlı və ixrac yönümlü məhsul istehsalı həcmini artırmaqdır. Çox müsbət haldır ki, gələn il qeyri-neft sektoru üzrə vergi yığımını nəzərəçarpacaq dərəcədə artırmaq nəzərdə tutulur.
2009-cu ilin dövlət büdcəsinin əsas məqsədlərindən biri dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək, bu vasitələrdən istifadəyə dövlət və ictimai nəzarəti gücləndirmək, vəsaitlərin bölgülərinin vahid prinsipinə və prioritetlərinə nail olmaq, qeyri-neft sektorunun stimullaşmasını və ixrac potensialının gücləndirilməsini, infrastruktur sahələrinin inkişafını təmin edən layihələrə önəm verməkdir. Təqdim olunan sənədlərdən göründüyü kimi, 2009-cu ildə büdcə layihəsində xərclərin dövlət proqramlarının adambaşına maliyyələşmə prinsipləri əsasında bölüşdürülməsinə, xərclərin sosial və investisiya yönümlülüyünə üstünlük verilir. Bu, hökumətin sosial və iqtisadi sahələrdə həyata keçirdiyi önəmli siyasətdir.
Növbəti ildə büdcə gəlirlərində 16 faizdən çox artım nəzərdə tutulur. Burada müsbət olan hal odur ki, neft sektoru üzrə bu artım 7,6 faiz proqnozlaşdırıldığı halda, qeyri-neft sektoru üzrə bu göstəricinin 24 faizə yaxın olması nəzərdə tutulur. Diqqət çəkən hallardan biri də ildən-ilə iqtisadi siyasətin təkmilləşdirilməsi ilə yanaşı, büdcə-vergi sisteminin gücləndirilməsidir.
Dövlət büdcəsinin strukturunda da bazar iqtisadiyyatı prinsiplərinə cavab verən dəyişikliklər nəzərdə tutulur. Bunun nəticəsində büdcənin gəlir və xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi ildən-ilə artır, büdcə kəsirinin maliyyələşməsində inflyasiya yaradan mənbələrdən, ilk növbədə bank kreditindən imtina edilir.
Hörmətli həmkarlarım, regionların sosial-iqtisadi inkişafı, orada vergi ödəyiciləri olan yeni müəssisələrin salınması, hökumətə vergi yığımlarının ərazi strukturlarında müsbət dəyişikliklərin edilməsi zərurəti yaradır. Bunun nəticəsidir ki, 2009-cu il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində regionların tənzimlənməsi üçün verilən vəsaitin xüsusi çəkisi 2008-ci ilə nisbətən 4,6 faiz azaldılmışdır. Gələn il diqqət veriləcək məqamlardan biri də qəbul olunmuş proqramların və tədbirlərin maliyyələşdirilməsinin tam şəkildə təminatıdır. Belə ki, büdcə xərclərinin 44 faizə yaxını bu məqsədlərə yönəldiləcəkdir. 2009-cu ilin dövlət büdcəsinin uğurlu cəhətlərindən biri sosial yönümlü xərclərin cari ilə nisbətdə 24,4 faiz artırılmasıdır. Bunun nəticəsində növbəti ildə əmək haqqının, baza pensiyasının, ehtiyac meyarının artırılması mümkün olacaqdır.
Dövlət təhsil, səhiyyə, elm və mədəniyyət sahələrinin maliyyələşməsini diqqət mərkəzində saxlayacaqdır. Burada müsbət hallardan biri təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin ümumi xərclərdə xüsusi çəkisinin 11 faizə çatdırılmasıdır. Elm sahəsində bu göstərici əvvəlki illə müqayisədə 3 dəfə artırılır və bu zaman yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.
Qeyd edildiyi kimi, hökumət gələn il əsaslı xərcləri diqqət mərkəzində saxlayacaqdır. Bu xərclərin dövlət büdcəsində xüsusi çəkisi 45 faizdən çox təşkil edəcəkdir. Bu, imkan verəcək ki, qəbul olunmuş proqramların icrası yüksək sürətlə həyata keçirilsin və nəticədə Azərbaycanın iqtisadi potensialının, ilk növbədə qeyri-neft sektorunun sürətli artımı, infrastrukturun yenidən qurulması təmin edilsin. Dövlət büdcəsindən ayrılan xərclər imkan verəcəkdir ki, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası gücləndirilsin, ölkənin beynəlxalq ictimai-siyasi, mədəni-iqtisadi tədbirlərdə iştirak etmək imkanları artsın.
Ölkə başçısının tapşırığına əsasən hökumətimiz çox düzgün olaraq büdcə layihəsi hazırlayan zaman ekoloji problemlərin həllinə, ölkənin ətraf mühitinin mühafizəsi sahəsinə xüsusi diqqət yetirmişdir. Sənəddə ekoloji sahədə qəbul edilmiş dövlət proqramlarının, xüsusilə kənd əhalisinin içməli suya olan tələbatının ödənilməsi tədbirlərinin reallaşdırılması üçün lazımi həcmdə maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur.
Hörmətli sədarət, hörmətli deputatlar! Hesab edirəm ki, 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulan tədbirlərin icrası Azərbaycanın inkişaf edən iqtisadiyyatına və sosial infrastrukturuna yeni keyfiyyət və artım gətirəcəkdir. Mən müzakirəmizə təqdim olunmuş bu layihəni hazırlayan bütün hökumət üzvlərinə minnətdarlığımı bildirir, onlara həm dövlət büdcəsinin icrasında, həm də yenidən etimad göstərilərək təyin olunduqları vəzifədə uğurlar arzulayıram. Ətraflı müzakirədən sonra 2009-cu il büdcəsinin qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hörmətli maliyyə naziri, iqtisadi inkişaf naziri və Milli Bankın sədri 2009-cu ilin dövlət büdcəsi ilə əlaqədar geniş məlumat verdilər. Ümumiyyətlə, son illər, xüsusilə 2006-cı ildən başlayaraq dövlət büdcəsinin parlamentə təqdimatında müsbət dəyişikliklər çoxdur. Büdcənin şəffaflığının artırılması, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun saytlarında daha geniş məlumat və rəqəmlərin verilməsi Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin gördüyü müsbət işlərdir. Ən müsbət işlərdən biri 2007-ci və 2008-ci il dövlət büdcələri müzakirə olunarkən qaldırılan məsələlərin nəzərə alınması və sonrakı illərin büdcələrində ona qiymət verilməsidir. 2007 və 2008-ci illərdə dövlət büdcəsi müzakirə edilərkən yerli gəlirlərin, ümumiyyətlə, az miqdarda olmasını bir neçə dəfə hökumət üzvlərinin nəzərinə çatdırmışdıq. Çox fərəhli haldır ki, 2009-cu ilin dövlət büdcəsində yerli gəlirlər üzrə 2,8 faizdən 4 faizə qədər, yəni 54 faiz artım nəzərdə tutulub. Bu o deməkdir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının həyata keçirilməsi regionlarda iqtisadi inkişafa müəyyən qədər təkan verib. Ona görə də mən təklif edərdim ki, 4 il üçün bu proqram tərtib edilsin və bu iş davam etdirilsin. Beləliklə də, bir mərkəzlə region arasında tarazlaşdırılmış inkişafa nail olarıq.
Bütün bu müsbət addımlarla yanaşı, qeyd edim ki, bildiyiniz kimi, dünyada maliyyə böhranı baş verir. Bu gün Azərbaycan hökumətin, dövlətin bir sıra qabaqlayıcı tədbirləri nəticəsində əziyyət çəkməsə də, müəyyən vaxtdan sonra maliyyə böhranı ilə üz-üzə gələ bilər. Dünya bazarında neftin qiymətinin birdən-birə 147 dollardan 58–60 dollara düşməsi dünyada iqtisadi inkişafın 2006-cı ildəki 5 faizdən 2008-ci ildə 3 faizə enməsi, Azərbaycanda neft hasilatının ən pik səviyyəsinin məhz 2010–2011-ci illər olması – bunlar hamısı faktlardır və bundan qaçmaq olmaz. Biz öz iqtisadi siyasətimizi bu faktlara əsaslanaraq qurmalıyıq.
Burada neftin qiyməti ilə əlaqədar müxtəlif fikirlər səsləndi və qeyd olundu ki, neftin qiymətinin Azərbaycanın dövlət büdcəsinə birbaşa təsiri yoxdur. Mən komissiyada dedim, bu gün də təkrar edirəm, biz bununla tamamilə razıyıq. Bəli, 75–80 faizə qədər neftin qiymətindən asılı deyil. Neftin qiyməti bizə verilən məlumata görə, 70 dollar nəzərdə tutulub. Amma mən hələ dəqiq bilmirəm ki, orada 70 dollar, yoxsa 80 dollar nəzərdə tutulub, çünki hesabatda bu rəqəm öz əksini tapmayıb. Lap 70 dollar nəzərdə tutulsa belə, hesab edirəm ki, bu, yüksək rəqəmdir. Nəyə görə? Çünki Azərbaycanın dövlət büdcəsinin müəyyən hissəsi, deyərdim ki, 40 faizə qədəri Dövlət Neft Fondunun hesabına maliyyələşir. Əgər biz keçən il Dövlət Neft Fondundan ilkin olaraq mütləq rəqəm kimi 15 faiz transfer etmişiksə, 2009-cu ilin dövlət büdcəsi üçün 40 faiz transfer edirik. Deməli, istədik-istəmədik, Azərbaycan dövlətinin büdcəsi neftdən asılıdır. Dünyada gedən böhran Amerika kimi böyük dövlətə, Avropa dövlətlərinə çox böyük ziyan vurub, bunu hamınız bilirsiniz. Böhran nəticəsində təkcə ABŞ-da 3 şirkət 4,3 trilyon ziyana düşüb. İngiltərədə 40 faiz maliyyəni təmin edən 3 ən iri bank faktiki olaraq milliləşdirilib. Avstraliyada, Belçikada, Almaniyada, digər Avropa ölkələrində dövlət banklara yardım, yəni kömək yolunu tutur. Kommersiya bankları olmalarına baxmayaraq, onlara birbaşa yardım edir.
Hesabatlardan da aydın oldu ki, son zamanlar Azərbaycanda əmanətlərin sayı kəskin olaraq artır. Gəlin baxaq, görək bu əmanətlərin sığortalanması nə yerdədir? Mən komissiyanın iclasında da qeyd elədim, biz “Əmanətlərin sığortalanması haqqında” Qanunu qəbul eləmişik. 8 min manata yaxın əmanət sığortalanır. Bəs ondan yuxarı əmanətlər necə olacaq? Kim təminat verir ki, 5 aydan sonra həmin əmanətlər öz məbləğini itirməyəcək? Nəyə görə Almaniya, Fransa, İngiltərə, Rusiya və digər dövlətlər öz əhalisinə əmanətlərinin sığortalanması üçün 100 milyardlarla vəsait ayırırlar, qərarlar verirlər, amma biz Azərbaycanda bunu etmirik? Mən qeyd etdim, sovet vaxtından qalmış əmanətləri indiyə kimi insanlara qaytara bilmirik. Müəyyən arqumentlər gətiririk, deyirik ki, kitabçalar yoxdur və sair. İndi istəyirik ki, 1992-ci ildən sonra qoyulmuş əmanətlər də pis vəziyyətə düşsün? Mən şəxsən təklif edərdim ki, ümumiyyətlə, hökumət tərəfindən müəyyən qərar verilsin, heç olmasa, 50 min, 100 minə yaxın məbləğdə əmanətlər dövlət tərəfindən sığortalansın.
İkinci, ən ciddi məsələ qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır. Biz neçə ildir deyirik, qeyri-neft sektorunun inkişafına ciddi fikir vermək lazımdır. Elə eləmək lazımdır ki, heç olmasa, 2009–2011-ci illərdə büdcədə qeyri-neft sektorunun payı 55–60 faizə çatsın. Dövlət büdcəsində buna nail olmaq lazımdır.
Kənd təsərrüfatının inkişafı ilə əlaqədar bu ilin dövlət büdcəsindən 400 milyon manat vəsait ayrılıb. Gələn 5 il üçün kənd təsərrüfatı istehsalçıları vergilərdən azad edilirlər. Bu, müsbət haldır, amma bu rəqəm çox azdır. Kənd təsərrüfatında vəziyyətin gərgin olmasını hamımız bilirik. Regionlardakı vəziyyət, fermerlərin öz məhsullarını bazara çıxara bilməməsi, məhsulların xarab olması, qəbul məntəqələrinin olmaması, soyuducuların yaradılmaması – bunların hamısı faktlardır. Ona görə mən də elə hesab edirəm ki, kənd təsərrüfatına diqqəti artırmaq, 400 milyon manat yox, bəlkə də ondan iki dəfə artıq vəsait ayırmaq lazımdır ki, Azərbaycanda kənd təsərrüfatı inkişaf etsin, cənab Prezidentin qarşımıza qoyduğu ərzaq təhlükəsizliyi proqramı yerinə yetirilsin.
Ölkədə gedən tikinti işləri nəticəsində bir sıra zavodlar söküldü. Yollar çəkilir, körpülər tikilir və biz hamımız bunu başa düşürük. Amma onların avadanlığı faktiki olaraq məhv edildi, köçürülməsinə imkan yarada bilmədik. Mən hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi 2009–2010-cu illərdə investisiya fondunun məbləğini, kreditləri və digər vəsaitləri qeyri-neft sektorunun inkişafına yönəltməlidir. Neft sektorunun inkişafına faktiki olaraq vəsait qoymağın bundan sonra əhəmiyyəti yoxdur.
Burada bir çox məsələlər qaldırıldı. Mən Quba ilə əlaqədar bir neçə məsələyə toxunmaq istəyirəm. Yevda müəllim qazla əlaqədar məsələyə toxundu. Mən Əlixan müəllimdən artıq dərəcədə xahiş edirəm, qazla əlaqədar məsələni yekunlaşdırmaq lazımdır. Biz bu məsələyə dözmək fikrində deyilik. Əgər istəyirsinizsə, Qubada camaat qalsın, o da problem deyil. Bir neçə dəfə görüşmüşük, demişik, ora bir insan göndərmisiniz, heç orada tapılmır, işləmir. Xahiş edirəm, Qubada qazla əlaqədar problemi həll edəsiniz.
İkinci ən ciddi problemlə əlaqədar mən cənab Baş nazirə də müraciət eləmişəm. Vəlvələçay üzərindəki körpü dağılır. Bu, yeganə körpüdür ki, Rusiya ilə Azərbaycanı birləşdirir. Fövqəladə Hallar Nazirliyindən də rəy verilib ki, körpü tikilməlidir. Mən xahiş edirəm, 2009-cu ilin büdcəsində vəsait nəzərdə tutulsun, Vəlvələçay körpüsü tikilsin.
Üçüncü məsələ Qonaqkəndlə əlaqədardır. Cənab Prezident fövqəladə hallar naziri Kəmaləddin Heydərovu daşqın vaxtı ora göndərdi. Cənab nazir ora getdi, sonra da gəlib məlumat verdi. Qonaqkənd 16 kəndlə əlaqədardır. O çay əgər bir də daşsa, o zona, demək olar ki, əlaqəsiz qalır, yollar bağlanır. Bütün sənədlər hazırlanıb, mən xahiş edirəm, 2009-cu ildə həmin bəndin tikilməsi ilə əlaqədar müsbət addımlar atılsın.
Ən son olaraq ipoteka krediti ilə əlaqədar bir neçə kəlmə demək istəyirəm. Burada qeyd olundu, gələn ilin büdcəsində bu məqsədlə 14 milyon manat nəzərdə tutulub. İpoteka kreditini 2005-ci ildən verməyə başladıq. Yadınıza gəlirsə, 2006-cı ildə büdcədə 25 milyon manat nəzərdə tutduq, vermədik. 2007-ci ildə 25 milyon manatı verdik, 2008-ci ildə isə 35 milyon manat ayrıldı və 3 ay müddətinə qurtardı. Ümumiyyətlə, bilinmədi ki, kimə verildi, necə verildi? Yəni burada şəffaflıq hiss olunmadı Niyə biz Azərbaycanda ipoteka kreditinin bazarını yarada bilmirik? Biz yalnız sosial ipotekaya giririk. Nəyə görə kommersiya bankları tərəfindən ipoteka krediti belə yüksək faizlə verilir ki, insanlar bunu almaq iqtidarında...
Sədrlik edən. Sağ olun. Siyavuş müəllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gülhüseyn Əhmədovla yerinizi dəyişirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Gülhüseyn müəllim.
G. Əhmədov. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin sosial-iqtisadi həyatında çox böyük keyfiyyət dəyişikliyinə səbəb olmuşdur. Dövlət başçısının məqsədyönlü iqtisadi siyasəti nəticəsində son 5 ildə ümumi daxili məhsul istehsalı 5,8 dəfə, adambaşına düşən məhsul 5,5 dəfə, valyuta ehtiyatları isə 11 dəfə artmışdır. Xüsusilə büdcə gəlirləri 8,6 dəfə artmışdır. Ən böyük uğurlardan biri isə büdcə gəlirləri içərisində ümumi daxili məhsulun istehsalının 28 faiz artmasıdır. Əlbəttə, iqtisadiyyatın belə inkişafı sosial problemlərin həllinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəldilib.
Azərbaycanın hər bir bölgəsi inkişaf edir, hər yerdə yeni müəssisələr, binalar, sosial və sənaye obyektləri tikilir. Bir neçə faktı nəzərinizə çatdırıram. Yeni aeroportlar, idman kompleksləri, nəqliyyat infrastrukturunda yeni körpü və yollar salınır. Yeni gəmilər, tankerlər, təyyarələr alınır. Yeni su anbarları, kanallar tikilir. Səhiyyə obyektlərində də yeni böyük işlər həyata keçirilir. Bu uğurları saymaqla qurtarmaq olmaz. Azərbaycanda həyata keçirilən böyük layihələr respublikanın qonşu ölkələrlə, eləcə də Avropa və Asiya ilə inteqrasiyasını gündən-günə artırır.
Büdcənin ilbəil artımı hesabına hökumət sahibkarlığın fəallığını artırmaq, onlara şərait yaratmaqla xüsusi planlar həyata keçirir. Məqsəd birdir: Azərbaycan şirkətləri nəinki ölkə daxilində, həm də dünyada layiqli yer tuta bilsinlər. Həm ölkə daxilində, həm də xaricdə sərmayələr qoysunlar, aktivlər alsınlar və dünya miqyaslı şirkətlərə çevrilsinlər. Bu məqsədlə də büdcədə investisiya qoyuluşuna vəsaitlər ilbəil artmaqdadır. Ölkəmizin imkanları genişləndikcə həm özümüzə, həm də başqa ölkələrə investisiyalar qoyur. Müstəqillik dövründən ötən 17 ildə respublikamızda investisiya qoyuluşu 57 milyard dollar təşkil edir ki, bunun da 44 milyard dolları, yəni 77 faizi son 5 il ərzində qoyulmuşdur. Hörmətli Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatın sürətli inkişafı verilən bütün vədləri və qəbul edilən qərarları reallığa çevirir. “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının uğurlu icrası bölgələrdə böyük canlanmaya səbəb olmuşdur. Bütün bölgələrdə gedən quruculuq işləri, açılan yeni müəssisələr, tikilən səhiyyə və təhsil ocaqları, yeni infrastruktur layihələri, yeni iş yerləri – bütün bunlar ölkəmizi daha da gücləndirir və mövqelərimizi möhkəmləndirir ki, bu halda dünya üçün Azərbaycanın əhəmiyyəti daha da artır.
Büdcənin ilbəil artımı xalq təsərrüfatının bütün sahələrində özünü göstərir. Belə ki, bu il kənd təsərrüfatındakı artım 8 faizdən çox, sənaye istehsalında 12 faiz, əhalinin pul gəlirlərində isə 34 faiz olmuşdur. Düzdür, inflyasiya 21 faiz təşkil etsə də, dövlət bunun təsirinin minimuma endirilməsi üçün kompleks tədbirlər həyata keçirir. Komissiyaların birgə iclasında, eləcə də bugünkü müzakirələrdə məlum oldu ki, hörmətli hökumət üzvləri gələn il ciddi xarici təsirlər olmasa, antiinflyasiya tədbirlərini həyata keçirməklə inflyasiyanın aşağı salınmasını proqnozlaşdırırlar.
Əhalinin pul gəlirlərinin artması dövlətin məqsədyönlü siyasətinin bariz nəticəsidir. Minimum əmək haqqında, pensiyaların baza hissəsində artım, humanitar sahədə görülən işlər, büdcədən sosial məsələlərin həllinə və infrastruktur layihələrinə ayrılan vəsaitin ilbəil çoxalması insanların rifahının yaxşılaşmasına təkan verir. “Regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində artıq bəzi rayonların iqtisadiyyatı çox güclənmişdir. Regionlarda yeni kənd təsərrüfatı obyektləri, emal müəssisələri və sənaye obyektləri açılmış və yeni layihələrin həyata keçirilməsinə təkan verilmişdir.
Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dəfələrlə qeyd olunmuşdur ki, qeyri-neft sahəsini inkişaf etdirmək lazımdır. Əlbəttə, bizdə qeyri-neft sahəsi, əsasən, kənd təsərrüfatından ibarətdir. Son iki ildə aqrar sahədə böyük inkişaf vardır. Hesab edirəm ki, 2009-cu ilin büdcəsində kənd təsərrüfatına nəzərdə tutulan vəsait məhsul istehsalının artımına güclü təkan verəcəkdir. Əlbəttə, kənd təsərrüfatı məhsullarının istehsalı meliorasiya və irriqasiya işlərinin aparılmasından daha çox asılıdır. Son 5 ildə meliorasiya və su təsərrüfatı sahəsində aparılan qənaətbəxş işlər nəticəsində çoxlu sayda suvarma kanalları, drenaj şəbəkələri inşa edilmişdir. Yeni su anbarlarının, kanalların tikintisi bu gün də aparılmaqdadır. Bütün bunlarla bərabər, büdcə paketində qeyd olunduğu kimi, keçmiş sovxoz və kolxozların balansında olmuş təsərrüfatdaxili kanalların bərpasına ehtiyac vardır.
Düzdür, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə bu işlərin aparılması üçün büdcə layihəsində 205,7 milyon manat, eyni zamanda, investisiya qoyuluşu üçün 418 milyon manat vəsait ayrılmışdır. Lakin mənim hökumət üzvlərindən bir xahişim vardır. İmkanları daxilində bir daha dürüstləşmə aparmaqla deyilən daxili kanalların bərpası üçün səhmdar cəmiyyətə əlavə vəsaitin ayrılmasına köməklik göstərsinlər. Hesab edirəm ki, büdcə layihəsi çox yüksək səviyyədə hazırlanmışdır. Büdcə sosial yönümlüdür və inkişaf büdcəsidir. Sonda qeyd edim ki, 2009-cu ilin büdcə layihəsini bəyənirəm, ona səs verəcəyəm və həmkarlarımı layihəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Gülhüseyn müəllim. Qənirə xanım, buyurun.
Q. Paşayeva. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən də, təbii ki, büdcənin lehinə səs verəcəyəm. Cənab Prezidentin rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatların daha uğurlu nəticələr əldə edəcəyinə hamımız inanırıq. Amma mən hökumət üzvlərimizin çoxunun burada olmasından istifadə edərək bir neçə məsələyə xüsusi olaraq toxunmaq istərdim. Bunlardan birincisi Vahid müəllimin başladığı, amma vaxt çatmadığı üçün yarımçıq qoyduğu ipoteka kreditləri ilə bağlıdır. Xüsusilə söhbət sosial ipoteka kreditlərindən gedir, çünki keçən ilin dövlət büdcəsi qəbul olunan zaman biz büdcədən bu vəsaiti ayırdıq. Amma ilin sonuna qədər insanlar tərəfindən xeyli müraciətlər olsa da, sosial ipoteka kreditləri verilmədi. Bildirildi ki, necə olacaq, necə veriləcək, hələ bunun mexanizmləri gərək tapılsın. Bu günə qədər bu məsələ qalır. Bu il yenə vəsait nəzərdə tutulub və mən hörmətli Elman müəllimin buna bir az aydınlıq gətirəcəyini gözləyirdim. İnanıram ki, növbəti çıxışlarda bu mexanizmin necə olacağına aydınlıq gətiriləcək. Yəni sosial ipotekaya keçən il pul ayırdıq, işləmədi, indi də pul ayırırıq. Nə qədər gənc ailələr, hərbçilər, aspirantlar, orta əmək haqqı alan insanlar var ki, mənzil ala bilmirlər. Bu sosial ipoteka onlara nə qədər kömək edə bilər. Xüsusilə də dövlətin prioritet verdiyi bəzi sahələrə sosial ipotekanın mexanizmində öncüllük vermək lazımdır. Mənim düşüncəmə görə, elə etmək lazımdır ki, hərbçilər bundan daha çox yararlana bilsinlər. Eyni zamanda, elm dalınca gedən insanlara, aspirantlara üstünlük verilməlidir və onlar xüsusi bəndlər şəklində o mexanizmlərdə göstərilməlidir. Sosial ipoteka keçən il də, bu il də nə qədər insanın problemini həll edə bilərdi. Yüzlərlə ailənin problemi həll olunsa, bu həm ailələrin özü üçün böyük bir xoşbəxtlik olardı, həm də dövlətin, cəmiyyətin üzərindən bir problem olaraq götürülərdi. Ona görə hökumət üzvlərindən xahiş edirəm ki, tezliklə bu məsələnin mexanizmləri tapılsın, işləməyə başlasın. Dediyim kateqoriyalar – hərbçilər və aspirantlar bundan daha çox yararlana bilsinlər.
Söhbət nədən gedir? Mən çox təəssüflənirəm ki, bu il ali hərbi məktəblərə elan olunan yerləri gənclərimiz doldura bilmədilər. Sonra nə elədik? Keçid ballarını azaltdıq, 150 bala saldıq və elan elədik ki, birinci qrupda kim instituta girə bilməyibsə, gəlsin, bu müsabiqədə iştirak eləsin. Bu, axı nə verir? İnstituta daxil ola bilməyən gənclərimizə deyirik ki, gəlin, hərbi məktəbə daxil olun və siz gələcəkdə hərbi kadrlar olacaqsınız. Biz, əksinə, çalışmalıyıq ki, Azərbaycanın hərbi kadrları daha savadlı, daha yüksək intellektə sahib gənclər olsunlar. Bu balları aşağı salmaqla, bilik, savad baxımından daha zəif gənclərimizə imkan yaratmaqla bir şey əldə edə bilmərik. Ən böyük stimul bu olardı ki, hərbi sahəni seçən gənclər bilərdilər ki, onlara belə bir güzəşt var, onlara digər kateqoriyalardan daha böyük üstünlüklər verilir.
Eyni zamanda, mən həmişə dediyim bir fikri yenə burada səsləndirirəm. Orta məktəblərdə keçirilən hərbi dərslərin məzmununu dəyişməliyik. Bu, formal keçirilən hərbi dərslərdir. Formal keçirilən hərbi dərslər bizim ordumuza da, gənclərimizə də heç nə vermir. Gənclərimizin hərbi biliklər alması üçün məktəblərdə heç bir imkan, hərbi ləvazimatlar yoxdur. Bu nə hərbi dərsdir ki, orada əyani şəkildə heç nə görə bilmirlər. İdeoloji baxımdan da hərbi dərsləri çox ciddi şəkildə gücləndirmək lazımdır. Orduda müəyyən gənclərlə danışanda hərbçilər deyirlər ki, Qənirə xanım, bu, 3 aydır ki, bura gəlib. Bu, məktəbdən gəlib, axı. Bizim gənclərimiz orduya həm bilikli, həm də ideoloji baxımdan daha hazırlıqlı getməlidirlər. Mən xahiş edirəm ki, bu məsələyə daha böyük önəm verilsin.
Mən də kənd rayonunu təmsil edən millət vəkiliyəm. Ən çox əziyyət çəkdiyimiz məsələlərdən biri budur ki, kəndlərdə xeyli ciddi sayda müəllim çatışmır. Xüsusilə xarici dili müəllimləri çatışmır. Bəzi kəndlərdə isə həkimlər çatışmır. Bunu aradan qaldırmaq üçün, təbii ki, dövlət müxtəlif proqramlar həyata keçirir və nəticələr də, müəyyən irəliləyiş də var. Amma bu, lazımi nəticə vermir, arada da nə olur, gənclərə olur. Elə istedadlı gənclər var ki, məktəbdə xarici dili müəllimi olmadığına görə imtahanda yaxşı bal toplaya, istədikləri yeri qazana bilməyiblər. O gənclərin günahı nədir? Bu, insan hüququna ziddir. Məgər bizim ölkədə belə eləmək olmazmı ki, ali məktəbi bitirən gənc müəllimlər bilsinlər ki, əgər 3 il müddətinə kəndlərdə müəllim kimi işləməsələr, onlar heç zaman şəhərlərdə və rayon mərkəzlərində işləyə bilməzlər. Elə həkimlərimizə də bu aiddir. Türkiyənin özündə tibb universitetlərini bitirən gənclərə o dəqiqə böyük şəhərlərdə işləməyə imkan verilirmi? Xeyr. Onlar əyalətlərdən mərkəzə işləyərək, təcrübə qazanaraq gəlirlər. Mən düşünürəm ki, biz bu mexanizmi işə salsaq, kəndlərimizdə müəllim problemini kifayət qədər həll etmiş olarıq, çünki gənclər getmək istəmirlər. Müxtəlif sosial proqramlar həyata keçirilir, yenə də istənilən nəticə alınmır. Mənə elə gəlir, burada artıq administrativ qərarlar da verilməlidir ki, biz kəndlərimizdəki bu problemləri, heç olmasa, müəyyən dərəcədə həll edə bilək.
Toxunacağım digər bir məsələ peşə təhsili ilə bağlıdır. Ali təhsil dalınca kim gedir, məlumdur. Ali təhsil dalınca getməyən kifayət sayda gənclərimiz var, gənc qızlarımız var. Bunlar elə arada, boş yerə gəzirlər, heç nə ilə məşğul olmurlar. Bu gün peşə təhsilinə, texniki-peşə təhsilinə böyük ehtiyac var. Qızlarımız üçün peşə məktəbləri, demək olar ki, tam fəaliyyətsizdir. Toxuculuq, tikişçilik, kənd təsərrüfatı sahələri bura aiddir. İndi çox böyük giley-güzar edirlər ki, kənd təsərrüfatı sahəsində yaxşı kadrlar, mütəxəssislər yoxdur, ona görə də torpağın korlanması prosesi gedir. Bu mütəxəssisləri peşə məktəblərimizdə hazırlamaq mümkündür. Ona görə də xahiş edirəm, peşə təhsilinə vəsait ayrılmasına və onların normal fəaliyyət göstərməsinə xüsusi diqqət verilsin. Orada yaxşı kadrlar hazırlana bilər ki, nəticədə gənclər özlərinə rahat iş yeri tapa, müxtəlif işlərlə məşğul olub özlərinə və ailələrinə vəsait qazana bilərlər.
Mənim vaxtım azdır, amma bir məsələni xüsusi olaraq burada demək istəyirəm. Mən bununla bağlı hökumət üzvlərinə müraciət edirəm. Qubada ermənilərin millətimizə qarşı törətdiyi soyqırımı nümunəsi var. Bütün dünya gəlib görür ki, belə toplu məzarlıqlarımız var. Bunlar sübut edir ki, ermənilər millətimizə qarşı hansı şəkildə soyqırımı törədiblər. Amma vəsaitin vaxtında ayrılması və oranın muzeyə çevrilməsi məsələsi təcili həll edilməlidir, çünki hava şəraiti pisdir. Mütəxəssislər hər gün mətbuatda həyəcan təbili çalırlar ki, hava şəraiti pisdir, qar, yağış yağır. Bütün bunlar onları normal şəkildə saxlamağa, qorumağa ziyan vurur. Bu, ciddi problemə çevriləcək. Mən xahiş edirəm, vaxtında lazımi vəsait ayrılsın və muzeylə bağlı aparılan işlər tamamlansın. Elə edək ki, sabah bunun peşmançılığını çəkməyək.
Sonda mən təmsil etdiyim Tovuz rayonu ilə bağlı bir-iki məsələni deyəcəyəm. Niyə deyəcəyəm? Çünki mən ayrı-ayrı nazirliklərdə olmuşam, söz veriblər, amma sonra müəyyən olub ki, o büdcədən çıxır, bu büdcədən çıxır. Ona görə də mənim xahiş edəcəyim bir-iki məsələ var. Birincisi, Ağdam sərhəd kəndidir. Orada insanlar onsuz da torpaqlarının çoxunu suvara bilmirlər. Ermənistan tərəfdən su kəsilib. Onların yeganə bir suvarma məkanları var, orada da nasos stansiyaları işləmir. O nasosların təzələnməsi çox ciddi vəsait də tələb eləmir. Mən xahiş edirəm, kənd təsərrüfatı ilə dolanan böyük bir kəndin problemləri nəzərə alınsın və həll edilsin. O nasoslar artıq köhnəlib, işlənməz vəziyyətə düşüb. Tovuzun Koxənəbi kəndi var. Hər gün eşidirik ki, atəşkəs pozuldu, ermənilər haranısa vurdu. Onların çox ciddi yol və qaz problemi var. Cənab Prezident də bununla bağlı tapşırıq vermişdi...
Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli deputatlar, bununla da bugünkü iclasımız sona çatır. Növbəti iclasımız sabahdır. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi