2008-ci il 12 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X  SESSİYASI  İCLASININ
 
PROTOKOLU № 94

Milli Məclisin iclas salonu.

12 noyabr 2008-ci il. Saat 12.

Milli  Məclisin  Sədri
O.Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 97 deputatı iştirak etmişdir.

İclasa dəvət olununmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin səlahiyyətlərini icra edən.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin səlahiyyətlərini icra edən.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi direktorunun səlahiyyətlərini icra edən.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəisinin səlahiyyətlərini icra edən.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Aynur Sofiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2009-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2009-cu il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli Qanununun qüvvədə olma müddətinin uzadılması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2009-cu il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.

* * *

Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilmişdir.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

12  noyabr  2008-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Hörmətli millət vəkilləri, bu gün, bildiyiniz kimi, ayın 12-sidir, Konstitusiya günüdür. Konstitusiya günü münasibəti ilə hamınızı təbrik edirəm, sizlərə, xalqımıza xoşbəxtlik, rifah arzulayıram! Bayramınız mübarək olsun! (Alqışlar.)
Çıxışları dünənki siyahı ilə davam etdirməyi qərara almışıq. Ona görə çıxışlara siyahı ilə başlayırıq. Buyurun, Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, qonaqlar! Mən də Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında qanun layihəsi ilə yaxından tanışam, onu məqbul hesab edirəm və lehinə səs verəcəyəm. Büdcənin artımı, büdcə zərfində şərh olunan müddəalar, sosial-iqtisadi sahədə qazanılan yüksək nəticələr fərəh doğurur. Biz bu nailiyyətləri xalqımızın ulu öndəri Heydər Əliyevin siyasi kursuna hörmətli Prezidentimiz cənab İlham Əliyevin sədaqətinin ifadəsi kimi qiymətləndirməkdə haqlıyıq.
Ölkəmizdə keçirilən Prezident seçkiləri xalqımızın öz rəhbərinə ehtiramını, inam və sədaqətini bir daha sübut etdi. İndi ölkə rəhbəri kimi Azərbaycan vətəndaşı da dövlətimizi müstəqil, insanları xoşbəxt, torpaqlarımızı azad, gələcəyimizi aydın və işıqlı görmək istəyir. Bu, insanlarda azərbaycançılıq ideyalarının, xalqın və vətənin taleyi üçün məsuliyyət hissinin formalaşmasından irəli gəlir. Prezident seçkilərindəki fəallıq, həmrəylik, reallıqların düzgün qiymətləndirilməsi, kimin kim olduğunun sübut edilməsi bunu deməyə imkan verir. Ölkəmizdə aparılan böyük tikinti-abadlıq, quruculuq işləri, sosial-iqtisadi inkişaf, əhalinin sosial rifah halının yaxşılaşması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi bir reallıqdır. Biz hər bir reallığa öz qiymətini verməliyik və faktların düzgün təhlili gələcəyimiz üçün çox faydalıdır.
Respublikamızda son illər kənd təsərrüfatının inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilsə də, regionların sosial-iqtisadi cəhətdən geri qalması kənd adamlarını narahat edir. Regionların inkişafı, kəndlərimizin öz simasını dəyişməsi, qaz, su, işıq, yol problemlərinin tədricən həll edilməsi kənddən şəhərə kütləvi axının qarşısını artıq almışdır. İndi şəhərdən regionlara qayıdış başlanmışdır. Kənd adamları torpağı əkib-becərmək ümidi, həvəsi ilə kəndlərə qayıdırlar. Ancaq şoranlaşan torpaqlar, köhnələn texnika, məhsuldar olmayan toxum sortları, kreditlərin verilməsindəki süründürməçiliklər onların səmərəli fəaliyyətinə ciddi mane olur.
Bu il ölkəmizdə 2 milyon 300 min tona yaxın taxıl məhsulu istehsal edilsə də, kombaynların çatışmaması, texnikanın köhnə olması, yığımın vaxtının uzanması nəticəsində xeyli itkiyə yol verildi ki, bu da 10 min tonlara bərabərdir. Yığım dövründə kombayn və digər texnika çatışmazlığından sahibkarların necə əziyyət çəkdiyini yaxşı bilirik. Əkin, səpin və becərmə dövründə də bu hallar yaşanır. Üzüm, tütün, çay məhsullarının istehsalının azalması narahatlıq doğurur. Pambıq istehsalında isə gərgin vəziyyət yaranıb. Bir vaxtlar 1 milyon tondan çox məhsul becərən bir regionda, respublikada bu il cəmi 50 min ton pambıq toplanması kənd adamlarında narahatlıq doğurur. Onlar pambığın qiymətinin çox aşağı olmasından, səhmdar cəmiyyətlərin bu sahəyə münasibətlərindən narazıdırlar. Pambıqçılıq 10 minlərlə kənd adamı üçün daimi iş yeri, pul vəsaiti, odun-ocaq, heyvandarlıq üçün yem, sənaye üçün qiymətli xammal mənbəyidir. Bu sahəyə qayğı və diqqətin artırılması vacibdir.
Aqrar sahənin elmi əsaslarla idarə olunması istiqamətlərini dəqiq müəyyən etmək, suvarma infrastrukturunu təkmilləşdirmək, istehsalçılar arasında sağlam rəqabəti formalaşdırmaq, məhsul istehsalının müəyyən sahələrini həvəsləndirici üsullar və vasitələrlə planlaşdırmaq, damazlıq, toxumçuluq təsərrüfatlarını inkişaf etdirmək, texniki təminatı yaxşılaşdırmaq əhəmiyyətli olardı. Büdcədən kənd təsərrüfatının inkişafı üçün ayrılan vəsaitin məbləğinin artırılması məqsədəuyğundur. Kənd təsərrüfatına kömək çox vacibdir. Bu sahənin inkişafı bir nazirliyin və ya bir neçə nəfərin işi deyil, ümumxalq işidir, hər birimizin işidir.
Burada texniki peşə təhsili sisteminin təkmilləşdirilməsi ilə əlaqədar söylənilən fikirlərə mən də tərəfdaram. Büdcədən bələdiyyələrə ayrılması nəzərdə tutulan 3,5 milyon manat vəsaitin bələdiyyələr arasında bölüşmə mexanizmi təkmilləşdirilməlidir, çünki bu vəsait 2757 bələdiyyənin cüzi tələbatını belə ödəyə bilmir. Əslində, həmin vəsait yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərə deyil, daha çox bələdiyyə orqanlarında çalışan işçilərin əmək haqqına sərf olunur. Müvafiq milli bələdiyyə assosiasiyalarının təkliflərini, təqdimatlarını nəzərə almaqla maliyyə orqanları tərəfindən aparılmış araşdırmalar nəticəsində həmin vəsaitlərin yerli əhəmiyyətli sosial məsələlərin həlli üçün əsaslı layihələr hazırlayıb həyata keçirməyə qadir olan, eləcə də bu sahədə fəallıq göstərən bələdiyyələrə ayrılması daha məqsədəmüvafiq olardı. Xatırlatmaq istərdim ki, respublikamızda öz işini səmərəli quran belə bələdiyyələr az deyil. Məqsədli layihələrin həyata keçirilməsi üçün qabaqcıl bələdiyyələrə dövlət büdcəsindən subsidiya ayrılması yerli özünüidarəetmə orqanlarının işinə stimul ola bilər.
Televiziya və radio cəmiyyətimizin həyatına bu gün daha yaxından daxil olmuşdur. Ancaq bəzi kanallarda gedən verilişlər insanlarda nəinki mənəvi, əxlaqi, milli vətənpərvərlik hissləri oyadır, əksinə, bu hissləri məhv edir. Bu, kanallarda vaxt bölgüsünün, boşluğun aradan qaldırılması üçün səriştəsiz aparıcılara yer verilməsinin nəticəsidir. Televiziya və radio verilişləri hazırlamaq çətin texnoloji prosesdir. Maraqlı, rəngarəng verilişlər hazırlamaq ustalıq tələb edir. Etiraf etmək lazımdır ki, bu sahədə ixtisaslı kadrlara, mütəxəssislərə, texniki işçilərə ciddi ehtiyac vardır. Büdcəmizin vəziyyəti imkan verərsə, respublikamızda televiziya və radio üçün ixtisaslı kadrlar hazırlayan ali təhsil müəssisələrinin açılması çox yaxşı olar. Bu tələb paytaxtda və eləcə də regionlarda televiziya və radio şəbəkələrinin genişləndirilməsindən irəli gəlir. Müvafiq orqanların bu məsələyə diqqət və qayğısı vacibdir.
Bir daha qeyd etmək istəyirəm ki, büdcə layihəsi mükəmməl hazırlanmışdır. İnkişafımızı təmin edən cəhətləri, perspektivlərimizi göstərən bütün istiqamətləri özündə əks etdirir. Bu sənədi tərəddüd etmədən qəbul etmək olar. Elə bilirəm ki, deputat həmkarlarım mənimlə həmfikirdirlər və hamılıqla qanun layihəsinin lehinə səs verəcəklər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Mən ilk növbədə bizə təqdim edilən sənədlərin müəlliflərinə təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da, böyük əmək sərf ediblər və sistemli bilik nümayiş etdiriblər. Biz dünən bu salonda hörmətli nazirlərimizin, Milli Bankın və Hesablama Palatası sədrlərinin əhatəli informasiyalarına qulaq asdıq. Büdcəyə müxtəlif meyarlardan qiymət verildi. Büdcə “inkişaf büdcəsi”, “sosial yönümlü büdcə” adlandırıldı. Mən hesab edirəm ki, “investisiya yönümlü büdcə” adlandırılsa, daha da yaxşı olardı. Büdcəyə qiymət verməyin başqa bir meyarı yaddan çıxdı. Bu da Konstitusiyamızın 12-ci maddəsində təsbit olunan dövlətin ali məqsədi, yəni insan hüquqlarının təmin olunmasıdır. Hər şeyin mərkəzində insan durur. Konstitusiyamızın 12-ci maddəsi bütün sahələrdə fəaliyyətimizin əsas istiqamətini müəyyən etməlidir. Bu baxımdan mən diqqətinizi iki məsələyə cəlb etmək istəyirəm.
Hələ keçən il büdcə layihəsi müzakirə olunanda mən təklif vermişdim ki, aztəminatlı insanların mənzil hüququnun təmin olunması üçün dövlət özü tikintidə iştirak etməlidir. Demişdim ki, birinci, ikinci, üçüncü mikrorayonlarda 100 mindən artıq insan yaşayır. Həmin binaların da istismar vaxtı artıq qurtarmaq üzrədir. Sonra bu insanlar, imkansız adamlar mənzil problemini necə həll edəcəklər? Yaxşı olardı ki, başqa ölkələrin təcrübəsindən istifadə edək. Məsələn, Qazaxıstanda tikintinin 7 faizini dövlət sifarişi təşkil edir. Moskvada bu faiz bir qədər də artıqdır. Dövlət də bu işlərdə iştirak etsin və tikilən binalardan aztəminatlı insanlara versin. Bu çox vacibdir.
Mən komissiyaların iclaslarında da, Milli Məclisin plenar iclasında da məsələ qaldırmışdım ki, ürək qüsurları ilə doğulan uşaqların cərrahiyyə əməliyyatı büdcə hesabına aparılsın. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə hər min uşaqdan 10 nəfəri ürək qüsuru ilə doğulur. Bu uşaqların üzərində cərrahiyyə əməliyyatı aparmaq lazımdır. Biz həmin insanların yaşamaq hüququnu təmin etməliyik.
Qazax və Tovuz rayonlarında seçicilərlə görüşəndə iki qadın qucaqlarında körpələri ağlaya-ağlaya mənə yaxınlaşdılar ki, bu uşaqların ürəyində cərrahiyyə əməliyyatının aparılmasını təmin etmək imkanımız yoxdur. Sonra bu problemin həlli üçün 2007-ci il aprelin 13-də bir qanun layihəsi hazırlayıb verdim. Sonra mənə anonim bir cavab gəldi ki, niyə bu qanun layihəsini müzakirəyə çıxarmırlar. Səhiyyə naziri pullu xidməti ləğv edib, ona görə də bu adamlar pulsuz müalicə oluna bilərlər. Axı, bizim həkimlər bunların üzərində cərrahiyyə əməliyyatı apara bilmirlər. Bunu ancaq xaricilər edirlər. Neftçilər xəstəxanasında, Respublika xəstəxanasında bir neçə xarici həkim icarəyə yer götürüb belə əməliyyatlar aparırlar və bunun da qiyməti 6–8 min dollar arasındadır. Bu uşaqların yaşamaq haqqını biz bərpa etməliyik.
Sonra mənə dedilər ki, Prezident sərəncam verib və problem həll olunub. Mən sərəncamı qaldırıb gördüm ki, problem həll olunmayıb. Prezident öz fondundan pul ayırıb ki, kardiologiya şöbəsinə avadanlıq alınsın. Amma dövlət büdcəsi hesabına bu uşaqların ürəyində cərrahiyyə əməliyyatı aparılması sərəncamda yoxdur. Belə bir problem var, uşaqlarımız yaşamalıdırlar, bu qədər imkanı olan dövlət uşaqların probleminə biganə qala bilməz. Mən çox xahiş edirəm ki, hazırladığım qanun layihəsi müzakirəyə çıxarılsın və bu uşaqların üzərində cərrahiyyə əməliyyatı dövlət büdcəsi hesabına aparılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də, cənab Sədr, Siz başda olmaqla xalqımızı Konstitusiya günü münasibəti ilə təbrik edir və hər bir kəsə uğurlar, can sağlığı arzulamaq istəyirəm. Dünən və bu gün büdcə layihəsini dinlədik, burada çıxışlar, təkliflər oldu, ayrı-ayrı deputat həmkarlarım çıxış edərək fikirlərini bildirdilər. Mən bir məsələni qeyd etmək istəyirəm. Bir ay bundan qabaq Azərbaycanda çox uğurla Prezident seçkiləri keçirildi. Əhalinin böyük əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səs verib yenidən növbəti 5 il üçün onu Prezident seçdi. İnsanların seçkilərə gəlmələri və səs vermələri bilavasitə yerlərdə görülən işin, aparılan düzgün, uğurlu siyasətin nəticəsi idi. Səsvermə keçirildi və Prezidenti yenidən prezident seçdilər.
Mən növbəti il üçün büdcənin bu qədər geniş və əhatəli müzakirəsinə tərəfdar deyiləm. Prezidentimizin istər seçkiqabağı, istərsə də seçkidən sonra verdiyi vədlər, insanlara dediyi sözlər daim özünün nəzarəti altında yerinə yetirilir. Büdcə də insanların fəaliyyətinin, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onların problemlərinin həll olunmasına bilavasitə xidmət edən bir maliyyə sistemidir. Ona görə də mən deputat həmkarlarımı çağırıram ki, büdcəyə səs verək və gələcəkdə verilən təkliflər də nəzərə alınmaqla qəbul olunsun.
Bilirsiniz ki, dünyada iqtisadi böhran, maliyyə böhranı olduğu bir dövrdə Azərbaycan maliyyə böhranından ən sakit, ən ağrısız, çox uğurla çıxdı. Bu da onun nəticəsidir ki, bizdə olan iqtisadi proqnozlar, onların yerinə yetirilməsi digər ölkələrdən fərqli olaraq düzgün şəkildə ortaya qoyulmuş və düzgün şəkildə aparılmışdır. Bəziləri mətbuatda da Azərbaycan büdcəsinin neftlə bağlı olması barədə yazırlar və sair məsələlər ortaya atılır. Neft çox ölkələrdə var. Neftin olması hələ o demək deyil ki, neft xalqın maraqlarına xidmət edir. Məhz Azərbaycanda Azərbaycan xalqının maraqlarına xidmət edir. Mən misal göstərə bilərəm. İordaniyada neft fondunda 200 milyard dollar vəsait var. Xalqı acından qırılır və yaxud heç bir infrastrukturu yoxdur, prezidenti də çadırda yaşayır.
Bizdəkindən də çox nefti olan var, başqa resurslara malik olan ölkələr də var. Məhz Azərbaycanda neft strategiyası çox uğurla və düzgün həyata keçirilir. Bunun nəticəsi olaraq Azərbaycanda böyük infrastruktur yaranıbdır. Siz təsəvvür edin, neftin qiymətinin qalxdığı dövrdə bizdə yollar, körpülər, məktəblər, xəstəxanalar, ayrı-ayrı strukturlar hamısı tikildi, istifadəyə verildi və bu proses davam edir. Bu prosesdən biz çox uğurla istifadə etdik və gələcəkdə də bunu davam etdirəcəyik.
Cənab Sədr, mənim bir təklifim də var. Azərbaycan qlobal layihələri həyata keçirən bir ölkədir və indi qarşıda duran əsas qlobal layihələrdən biri dəmir yolunun çəkilişidir. Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişi ilə bağlı cənab Prezidentin təklifi var. Hökumət də bu təklifə dəstək verməli və maliyyə ayırmalıdır.
Mənim seçildiyim Naxçıvan Muxtar Respublikasından birbaşa Qarsa cəmi 230 kilometr dəmir yolu çəkilsə, Naxçıvanın birbaşa həm Avropaya, həm də Azərbaycana çıxışı təmin olunar. Bununla əlaqədar cənab Prezidentin hökumətə təklifi var. Hesab edirəm ki, hökumət bunun kreditləşdirilməsi üçün maliyyə ayırmalı və bu da büdcə layihəsində öz əksini tapmalıdır. Bunu gecikdirmədən həyata keçirməliyik. Vaxtilə Bakı–Tbilisi–Ceyhan layihəsi də ortaya çıxanda çox adam deyirdi ki, bu, baş tutan deyil, xəyaldır və sair. Amma ümummilli liderimizin təkidli işinin, strategiyasının nəticəsində bu gün həmin kəmərin xeyrini götürürük. Bu dəmir yolunun da birləşdirilməsi nə qədər maliyyə sərf edilməsinə baxmayaraq, Naxçıvan Muxtar Respublikasında olan blokadanın qismən də olsa, aradan götürəcəkdir.
İkinci bir təklifim də vardır. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasında çox böyük işlər görülür, yeni məktəblər tikilir, iş yerləri açılır və sair. Bir problem də burada yaşanır. Azərbaycanla quru sərhəd yoxdur və təyyarə vasitəsi ilə əlaqə saxlamalı olurlar. Burada da təyyarə biletinin qiyməti çox yüksəkdir. Orada insanlar çətinlik çəkirlər. Həmin bileti alıb həm Bakı, həm də Azərbaycanın başqa-başqa rayonları ilə əlaqə yaratmaq çox çətin olur. Bunun üçün də biletlərin qiymətinin bir hissəsinin dövlət büdcəsi tərəfindən ödənilməsini təklif edirəm. Biletin qiyməti təxminən 40 manat civarındadır. Hökumət bunun bir hissəsinə dotasiya veribdir, amma qiymətin birdən-birə bu qədər qalxması insanlar üçün problemlər yaradır.
Üçüncü bir məsələ dünən burada qeyd olundu. Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi gələn il bir az da artırılacaqdır. Prezident tərəfindən hər bir mətbuat orqanına bu il 5 min manat vəsait ayrıldı. Büdcədə biz siyasi partiyaların maliyyələşdirilməsi məsələsini də qoymalıyıq. Siyasi partiyaların maliyyələşdirilməsi məsələsi burada öz həllini tapmalıdır. Bunun bir çox səbəbləri var. Birinci səbəbi ondan ibarətdir ki, siyasi sistemin əsas atributu olan siyasi partiyaların maliyyə alması prosesi dünya ölkələrində də, artıq postsovet məkanında da başlanıb və biz də bunu həyata keçirməliyik. İkinci tərəfdən, bilirsiniz ki, bəzi partiyalar ayrı-ayrı səfirliklərin, beynəlxalq təşkilatların qapılarını gedib kəsirlər, onlardan pul alırlar və onlar üçün işləmək məcburiyyətində qalırlar. Ondansa, Maliyyə Nazirliyinin qapısını kəssələr, daha yaxşı olar, nəinki ayrı-ayrı səfirliklərin və beynəlxalq təşkilatların. Gələcəkdə büdcədə dürüstləşmə aparılanda siyasi partiyaların maliyyələşdirilməsi məsələsi də büdcəyə daxil edilməlidir.
Kənd təsərrüfatı ilə əlaqədar burada bir neçə fikir söylənildi. Çox təqdirəlayiq haldır ki, büdcədə kənd təsərrüfatına ayrılan vəsait hər bir sahədən çoxdur. Bu da dünyada gedən ərzaq təhlükəsizliyinin aradan qaldırılması üçün atılan bir addımdır. Burada bir məsələ də qaldırmaq istəyirəm. Fermerlərə verilən kreditlərin sadələşdirilməsi daha məqsədəuyğun olardı. Fermerlər kreditlərdən lazımi səviyyədə istifadə edə, çətinlik çəkmədən kredit götürə bilməlidirlər. Ümumiyyətlə, kredit sistemində bir sadələşdirilmə aparılmalıdır. Bu gün çox böyük problemlər yaşanır, həm bank, həm də kredit götürən əziyyət çəkir. Əgər kimsə əmlakını girov qoyub kredit götürürsə və sonradan qaytara bilmirsə, bank idarələri illərlə məhkəmədə krediti geri qaytarmaq üçün çəkişmələrə başlayırlar. Ona görə də bu məsələnin sadələşdirilməsinə böyük ehtiyac var. Bunu da biz həyata keçirməliyik və büdcə layihəsində öz əksini tapmalıdır. Ümumilikdə, büdcənin hazırlanması, onun iqtisadi əsaslara söykənməsi təqdirəlayiqdir. Mən hesab edirəm ki, biz səs verib büdcəmizi qəbul etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Dünən Azərbaycanın ictimai-siyasi həyatında çox böyük hadisə baş verdi. Biz Azərbaycanın növbəti il üçün maliyyə qanunu layihəsinin müzakirəsinə başladıq. Həmin qanun layihəsinin müzakirəsi bu il əvvəlki illərdən fərqli olaraq daha təkmil, daha yüksək səviyyədə keçirilir. Dünən günün birinci yarısında hökumətin maliyyə işinə baxan rəhbər vəzifəli şəxslər çıxış etdilər. Sözün əsl mənasında növbəti il üçün büdcəyə aydınlıq gətirdilər. Çoxlu məqamlar sənədlərdə, kağızlarda olmasına baxmayaraq, yenidən bizim üçün daha aydın, daha dəqiq şərh olundu. Bu da büdcənin müzakirəsi üçün çox faydalı oldu. Biz hansı nəticəyə gəldik? Nəticə ondan ibarətdir ki, büdcənin leytmotivi, büdcənin mahiyyəti bir daha Azərbaycan iqtisadiyyatının xalqa xidmət etdiyindən xəbər verdi. Bunu sübut etmək üçün bir az sonra mən rəqəmlər gətirəcəyəm. Amma bütövlükdə büdcə Azərbaycan xalqının rifahına işləyən büdcədir.
Seçkilər ərəfəsində mən şəxsən ölkəmizin 55 yaşayış məntəqəsində oldum. Azərbaycanda gedən qlobal iqtisadi və sosial inkişafın bilavasitə şahidi oldum. Bu büdcə həmin qlobal inkişafın məhz davamı kimi daha dərin, daha ətraflı olaraq iqtisadi-sosial dəyişikliklər aparmaq üçün vacib bir sənəd kimi özünü göstərdi. Bütövlükdə bir daha onu göstərdi ki, İlham Əliyev dövlət quruculuğu modeli Azərbaycanda sosial rifah dövlətinin qurulmasıdır və bütün bu sənədlərdə olan məsələlər də bilavasitə ona xidmət edir. Nə sevindirici haldır? Bir neçə ildir ki, parlamentdə səsləndirdiyimiz fikirlər, dediyimiz tənqidi qeydlər bir neçə gündən sonra büdcədə dəyişikliklər şəklində nəzərə alınır və il ərzində həmin məsələlər öz həllini tapır.
Burada möhtərəm Prezidentimizin verdiyi sərəncam, fərman və digər sənədlər öz əksini bir daha tapır. Mən bunları bir neçə rəqəmlə göstərmək istəyirəm. Yadınıza gəlirsə, bir neçə il öncə büdcə ilə bağlı etdiyim çıxışları qaldırıb baxmışam. Məsələn, biz səsləndirmişdik ki, səhiyyə işçilərinin əmək haqqı aşağıdır. Keçən və bu il üçün səhiyyə işçilərinin əmək haqqı 54 faiz artırılıb. Bu, hiss olunan rəqəmdir. Əmək haqqı ilə bağlı çoxlu söhbətlər gəzmişdi, əmək haqları həmin müddət ərzində artıbdır. Pensiyanın baza hissəsi, minimum əmək haqqı artıbdır. Ən sevindirici hal odur ki, möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə Qarabağ əlillərinə təqaüdlər təyin olunub və bu təqaüdlər böyük bir məbləği özündə ehtiva edir. 15 300 adam ən yüksək əmək haqları ilə təmin olunublar. Uşaqlı əlillərdən 87 742 nəfər həmin sərəncamla maliyyə dəstəyi alıb.
Dediyim odur ki, bizim verdiyimiz təkliflər sonradan həm Maliyyə Nazirliyinin, həm də icra strukturlarının fəaliyyətində öz əksini tapıb. Bu da ölkəmizdə icra strukturu ilə hakimiyyətin qolları arasındakı əməkdaşlığın bariz nümunəsidir. Bizim qanunvericilik orqanı olaraq icra strukturu ilə əməkdaşlığımız son nəticədə xalqın rifahına işləyən rəqəmlərə gəlib çıxır. Bunun bariz nümunəsi 2009-cu ilin büdcəsidir. Əgər diqqət yetirmisinizsə, ötən ilin məxaricinə nisbətən xərclərin əsasən 11,4 faiz artmasına baxmayaraq, sosial sahələrdə artımlar isə 30–40 faiz arasında artıbdır. Bu o deməkdir ki, ölkəmizdə bütün xərclərin artmasına baxmayaraq, sosial sahədə artım çox böyük rəqəmlərdə əksini tapmışdır. Bir daha ölkəmizdə sosial rifaha, xalqın güzəranının yaxşılaşdırılmasına böyük diqqət yetirilib.
Biz büdcəmizin məziyyətlərindən danışarkən bir neçə məsələyə diqqət yetirməliyik. Birinci məsələ ondan ibarətdir ki, ölkəmizdə son vaxtlar regional idarəetmə geniş yayılmışdır. Buna regional sosial inkişaf proqramları sübutdur. Bir də, proqramlarda icra məsələsi önə çəkilib. Mən təkcə səhiyyə ilə bağlı demək istəyirəm ki, səhiyyənin idarə olunması ilə bağlı 8 proqram mövcuddur. Bu da büdcə vəsaitlərindən daha səmərəli istifadə edilməsinə şərait yaradır.
Sosial müdafiəni gücləndirməyin bir neçə istiqamətləri də var. Bu da kəndə qayğının artmasıdır. Təsəvvür edin ki, son illərdə ilk dəfə olaraq kəndə vəsaitin artırılmasına xüsusi diqqət yetirilib. Ötən ilin təcrübəsi göstərdi ki, kəndə nə qədər qayğı artırsa, bu özünü son nəticədə güzəranın yaxşılaşdırılmasında, qiymətlərin aşağı düşməsində göstərir. Bu baxımdan ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsində Prezidentimizin qarşıya qoyduğu vəzifələrin icrası ilə bağlı məsələlər büdcədə ehtiva olunub, eyni zamanda, inflyasiyanın qarşısının alınması önə çəkilib.
Mən büdcəmizin məziyyətlərindən çox danışa bilərəm. Mən bəzi yeniliklərə diqqəti artırmaq istəyirəm. İlk dəfə olaraq Azərbaycan büdcəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üçün vəsait bəs qədər ayrılıb, ötən ilə nisbətən 3–4 dəfə artırılıb ki, bu da cəmiyyətin bünövrəsi olan ailənin möhkəmlənməsinə bütövlükdə xidmət edir. Büdcəmizdə ilk dəfə olaraq mətbuat üçün vəsait ayrılıb. İpotekanın geniş vüsət almasına diqqət yetirilib.
Bunlarla yanaşı, büdcəmizin bəzi məsələlərinə də diqqət yetirmək, bəzi tənqidi fikirlərimi səsləndirmək istəyirəm. Ən başlıcası nədir? Bütün dünyada büdcələrin daim mədaxil hissəsində problem yaranır. Yəni mədaxili doldura bilmirlər. Bizdə bir paradoks əmələ gəlib. Bizdə mədaxil 100 faizdən artıq olur, amma məxaric 85 faiz icra olunur. Bu nə deməkdir? O deməkdir ki, hansısa sosial obyekt tikilməyib, hansısa sosial məsələ 15 faiz icra olunmayıb. Bu çox narahat edən məsələdir. Əgər büdcəmizin mədaxili yerinə yetirilirsə, burada iki məsələ ola bilər: ya proqnozlarda səhv var, ya da icrada tənbəllik göstərilir. İcra ilə bağlı digər məsələlər də var. Biz gələn il üçün hansısa tikintini planlaşdırırıq, ilin ortasında görürsən ki, hələ smeta sənədləri qurtarmayıb. İlin dekabr ayında görürsən ki, həmin obyekt üçün maliyyələşmə açılır. Bu da hökumətin bir az ləngliyindən xəbər verir. Bəzi işlərin görülməsi üçün sənədləşdirmə işləri ilin axırına gəlib çatır. Bu da çox narahat edən məsələdir. Mən bununla bağlı bəzi məsələləri demək istəyirəm.
Tibbi sığorta üçün vəsait ayrılmışdı, bürokratik əngəlliklərin hesabına, bilirəm... Bu gün Səhiyyə Nazirliyinə hamımız kömək etməliyik. Orada böyük işlər aparılır. Amma tibbi sığorta məsələsi yubandı, bu il də baş tutmadı. Gələn il, Allah qoysa, əsasnamələr hazırlanar. Yenə görürsən ki, nazirliklərdə, digər yerlərdə sənədlər yubanır, gəlib çıxmır. Hesab edirəm ki, gələn il bu məsələlər öz həllini tapacaq. Nəyə diqqət yetirməyi vacib hesab edirəm? Biz peşə məktəblərinin geniş vüsət almasına diqqət yetirməliyik. Bu gün institutlara həvəs artıb, amma peşə məktəblərinin açılması üçün büdcədə vəsait ayrılıb. Bu sahəyə daha böyük diqqət yetirmək lazımdır.
Bir məsələ də uzun illərdir ki, hökumətdə və ictimai birliklərdə, cəmiyyətdə səslənir və həllini tapmır. Bir rəqəmi demək istəyirəm. Bu gün Azərbaycanda 47 184 işləməyən müharibə veteranı vəsait alır. Onlara 25 manat, digər qrupa isə 11 manat vəsait verilir. Bu günə qədər Azərbaycanda veteranların təsnifatı məsələsi öz həllini tapmayıb. Hansı veteranlar? Qarabağ müharibəsinin veteranları təsnif olunmayıblar. Əlində silah döyüşən, jurnalist kimi, hökumət nümayəndəsi kimi döyüş zonasına gedən kimdir? Bu, ən vacib məsələlərdən biridir.
Mən təmsil olunduğum bölgə ilə bağlı bəzi fikirlərimi səsləndirmək istəyirəm. Möhtərəm Prezident İlham Əliyev yaxınlarda Lənkəranda oldu. Orada gedən abadlıq, quruculuq, böyük işlər haqqında məlumat aldı. Ümumiyyətlə, su ilə bağlı məsələlərin Lənkəran üçün də xarakterik olduğunu bir daha qeyd etdi. Lənkəranda su, kanalizasiya sisteminin bərpası məsələsi önə çəkildi. Gələn il büdcədə bu məsələlər üçün vəsait ayrılsa, çox düz olar. Niyə görə? Çünki xəstəliklərin bünövrəsi məhz çirkli sudan, kanalizasiyanın olmamasından əmələ gəlir. Sosial müdafiə sahəsində bu gün icra strukturlarında güclü iş aparılır. Büdcədən ayrılan vəsaitlərin səmərəli sərf olunmasına biz tam əmin ola bilərik. Bütövlükdə mən büdcəni məqbul hesab edirəm və hamınızı büdcəyə səs verməyə çağırıram. Sağ olun
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Hər şeyi yaxşı dediniz. Amma büdcənin icra olunmayan hissəsinin hamısının sosial yönümlü olmasını demək düzgün deyil. Orada nəzərdə tutulan bir çox layihələr sosial yönümlü deyil. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Milli Məclis üzvləri, hörmətli qonaqlar! Əlbəttə, mən peşəmlə, ixtisas sahəmlə əlaqədar olaraq büdcədəki rəqəm materiallarına, təhlilə münasibət bildirməyi doğru hesab etmirəm, çünki bizim maliyyəçilərimiz bu sahədə böyük əmək sərf ediblər və layiqli bir büdcə layihəsi hazırlayıblar. Amma bəzi məsələlərdə prinsipial mövqeyimi bildirmək istəyirəm.
Hər şeydən əvvəl mən Siyavuş Novruzovun fikri ilə razıyam: bu yaxınlarda keçirilən Prezident seçkiləri çox parlaq şəkildə sübut etdi ki, Azərbaycan Prezidentinin yeritdiyi iqtisadi siyasət xalq tərəfindən çox rəğbətlə qarşılanır. Xalqın Prezident seçkilərində fəal iştirakı, İlham Əliyevə münasibəti aydın sübut edir ki, bu sahədə işlərimiz uğurla gedir. Bu baxımdan xüsusi qeyd etmək istəyirəm ki, ötənilki büdcəmizdə qarşıya qoyulan vəzifələri hökumətimiz layiqincə yerinə yetirib. Azərbaycanın ayrı-ayrı yerlərində baş verən inkişaf, xüsusilə keçənilki büdcənin ağır, dünya miqyaslı maliyyə böhranından, çətinliklərdən, kataklizmlərdən uğurla çıxması göstərdi ki, bizim Maliyyə Nazirliyimiz, keçənilki büdcəni hazırlayan soydaşlarımız bu işə lazımi diqqətlə yanaşıblar.
Digər tərəfdən qeyri-neft sektorunun inkişafındakı uğurlar bunu aydın göstərir. Regionlarımızdakı sürətli inkişaf, çox iri layihələrin həyata keçirilməsi gələcəkdə Azərbaycanın böyük uğurlar qazanacağını vəd edir. Mən xüsusi qeyd etmək istəyirəm, bizim təhsilin maddi-texniki bazasının yaradılması, elmlə bağlı uğurlu tədbirlərin həyata keçirilməsi, nəqliyyat sektorundakı inkişaf, su təsərrüfatı, meliorasiya sahəsindəki uğurlarımız, xüsusilə Oğuz–Bakı su kəmərinin çəkilməsi bu sahədəki uğurlar, ekologiya sahəsindəki iri addımlarımız Azərbaycan üçün çox gərəklidir. Bütün bunların hamısı büdcə gəlirlərinin formalaşdırılmasında, – bunu etiraf etmək lazımdır, – düzgün siyasət yeridildiyini sübut edir. Bizim Vergilər Nazirliyi, gömrük orqanları bu işdə öz üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər ki, biz keçən il qarşımıza qoyulan vəzifələri yerinə yetirə bilmişik. Bu baxımdan da mən bəzi məsələlərə prinsipial münasibətimi bildirmək istəyirəm.
Əvvəla, bir vətəndaş kimi dərin minnətdarlığımı bildirmək istəyirəm. Maliyyə naziri Samir Şərifov və dünən burada çıxış edən maliyyəçilərimiz Milli Məclis qarşısında çox professional çıxışlar edərək bizi əmin etdilər ki, növbəti büdcə də Azərbaycana inkişaf vəd edir. Büdcə vəsaitinin ayrı-ayrı proqramlarla, layihələrlə öz məqsədinə yönəldilməsi siyasətini mən alqışlayıram, çünki ümumilikdə, büdcə vəsaitinin məsrəfini izləmək, buna nəzarət etmək çətindir, amma konkret layihələrin, proqramların həyata keçirilməsi siyasəti alqışa layiqdir.
Mən neft məsələsinə münasibətimizi bildirmək istəyirəm. Siyavuş Novruzovla tamamilə razıyam ki, ölkənin bu gün əsas vəsaiti neftdir. Vaxtilə də Azərbaycanı çox ağır vəziyyətdən Heydər Əliyev neft strategiyasını hazırlamaqla çıxardı. Bizim neft kontraktları bu gün Azərbaycanın sürətli inkişafını təmin etdi. Neftdən alınan gəlirin qeyri-neft sektorunun inkişafına nə dərəcədə sərf olunması başqa bir məsələdir. Bu baxımdan da ötən büdcələrdə qarşıya qoyulan vəzifələri Azərbaycan hökuməti layiqincə yerinə yetirir və qeyri-neft sektoru artıq sürətli inkişafa başlayıb. Yəni bu baxımdan biz büdcəmizi nə ilə formalaşdıra bilərik? Bizim əsas sahəmiz neft sahəsidir. Amma İlham Əliyev hər yerdə qeyd edir ki, biz neftə arxayın ola bilmərik, biz qeyri-neft sektorunu elə inkişaf etdirməliyik ki, sanki bizim neftimiz yoxdur. Yəni dövlət başçısı bu istiqamətdə artıq çox konkret və müdrik iqtisadi siyasət xəttini müəyyənləşdirib. Gələn ilin büdcəsinin formalaşdırılmasında neftdən alınan vəsaitlər çox mühüm rol oynayır. Eyni zamanda, büdcədə qeyri-neft sektorunun inkişafı üçün lazımi layihələr nəzərdə tutulub.
Digər tərəfdən, biz regionlarda tez-tez oluruq və camaatın çətinliklərini hiss edirik, görürük, xalqın narazılıqlarını bilirik. Məsələn, bizim Azərbaycan kəndində ən çox qaldırılan məsələ su, yol, bir də qaz, enerji ilə təminat məsələsidir. İlham Əliyev axır zamanlar çıxışlarında xüsusilə qeyd edir ki, əgər bir kənddə inkişaf yoxdursa, ümumi inkişafdan danışmaq olmaz. İndi bizim regionlarda, rayon mərkəzlərində nəzərə çarpan inkişaf var. Amma elə etmək lazımdır ki, büdcə vəsaiti gedib ünvanına, bilavasitə Azərbaycan kəndinə çatsın. Kənd yerlərində yaşayan əhali bizim büdcəmizdən maksimum faydalana bilsin. Su, yolların çəkilməsi, keçmiş qaz borularının bərpa olunması ilə bağlı problemlərin həll olunmasını, arzu edərdim ki, bizim maliyyə orqanları təmin etsinlər.
Azərbaycanın gələcəyi, xüsusilə yaxın gələcəyi turizmlə bağlıdır. Turizm regionlarının inkişafına ayrılan vəsaitə, mümkündürsə, bir də baxmaq lazımdır. Azərbaycanın turizmin inkişafı üçün çox gərəkli regionları var. Həmin regionlar gələcəkdə bütün Azərbaycanı yaşadacaqdır. Bu sahəyə diqqətin artırılmasını çox arzu edərdim. Cəbhə rayonlarında bir çox kəndlərimiz var ki, sərhədlərin, atəşkəs rejiminin tez-tez pozulması ilə bağlı oraların əhalisi güllə yağışının altında yaşayırlar. Həmin əhalini yerində saxlamaq üçün ayrı-ayrı proqramlar həyata keçirilir. Oradakı inkişafı təmin etmək üçün yaxın gələcəkdə cəbhə və sərhəd rayonlarının inkişafına ayrılan büdcə vəsaitinə müəyyən qədər nəzər salınmalıdır.
Mən informasiya məsələsindən ötrü hörmətli Samir müəllimə bir də təşəkkür etmək istəyirəm. Cənab Prezidentə Akademiyanın, alimlərin dərin minnətdarlığını yetirmək istəyirəm. Əvvəla, Şəkidə Kiş çayı deyilən çay var, bir dəfə sel gələndə təxminən 150 min əhali Şəkidən o tərəfdə qalır. Əhali rayondan bir arayış almaqdan ötrü 10 kilometr əvəzinə 180 kilometr gəlməli olur. Yaxında Qax rayonu var, oraya Şəkidən 20 kilometr yoldur. Fırlanıb 150 kilometr yol getmək lazım gəlir. Ona görə də nəzərə alındı, indi orada körpü tikintisinə başlanılıb. Mən camaatın ən xoş arzularını cənab Prezidentimizə bildirmək istəyirəm.
Akademiyanın binası çox unikal binadır, məhv olub gedir. İndi Akademiyada təmir başlanılıb, mən bununla da əlaqədar hökumətə dərin minnətdarlığımı bildirirəm. Ən nəhyət, informasiya məsələsi. Mən başa düşürəm ki, Milli Elmlər Akademiyasının bəzi institutları, o cümlədən Tarix İnstitutu Prezidentimizin qoyduğu vəzifələrlə bağlı informasiya müharibəsində əsas rol oynamalıdır. Amma Milli Elmlər Akademiyasına ayrılan ümumi vəsaitlə bağlı Prezidentin qoyduğu tələblərə cavab verə bilmirik.
Mən çox aydın demək istəyirəm. Məsələn, biz cənab Prezidentin tapşırığı ilə Qarabağla əlaqədar fundamental bir əsər yazdıq, 6 dilə tərcümə olundu. Amma əgər vergilər naziri bütün vergi orqanlarında işləyənlərə, hörmətli milli təhlükəsizlik naziri həmin sistemdəki adamlara bu kitabı aldırmasa idi, biz, nəşriyyat qarşısında borcumuzu ödəyə bilməyəcəkdik. Naxçıvan haqqında Azərbaycan və ingilis dillərində kitab yazdıq. Naxçıvan Ali Məclisinin Sədrinə dərin minnətdarlığımı bildirirəm. O, əlini qoymasaydı, bu kitab da çıxmayacaqdı. Mən hörmətli maliyyə nazirimizə müraciət etmək istəyirəm, o bu məsələlərə çox demokratik baxır, bizə kömək etmək istəyir. Mümkün qədər yollar axtarmaq lazımdır ki, informasiya müharibəsində əsas rol oynayan elmi tədqiqat müəssisələrinə kömək etmək mümkün olsun.
Cənab Sədr, Siz Avropa Şurasının, AŞPA-nın Sədrini Qubaya aparmaqla informasiya müharibəsinə çox böyük bir töhfə verdiniz. Amma indi Qubadakı məzarlıq məhv olmaq təhlükəsi altındadır. Mənə elə gəlir ki, çox təcili bir muzey yaratmaqla, bunları dünyaya təqdim etməklə biz informasiya sahəsində çox işlər görə bilərik. Bu işə diqqəti artırmağı təklif eləyirəm.
Sonda, bir Azərbaycan vətəndaşı kimi narahatlıq keçirirəm. Bizim qonşu respublikalarda aborigen əhali olan camaatımız var. Gürcüstanda öz qədim torpaqlarında yaşayan əhalimiz var. Dərbənd regionunda yaşayan əhalimiz var. Onların məktəblə bağlı müəyyən çətinlikləri var. Azərbaycanda məktəb işi çox sürətlə inkişaf edir, təhsildə böyük uğurlarımız var. Bu regionlardan azərbaycanlıların öz yerlərindən tərpədilməsi üçün əlaltından müəyyən siyasət yeridilir. Buna qarşı da biz büdcədə müəyyən vəsait nəzərdə tutaq. Orada məktəb tikintisi sürətləndirilsin, camaata köməklik göstərilsin. Onlar öz yerlərində, torpaqlarında özlərini öz doğma yurdlarındakı kimi hiss etsinlər. Bu məsələlərlə bağlı, əlbəttə, böyük işlər görmək lazımdır, bunu bir ilin büdcəsi ilə həyata keçirmək olmaz. Amma bu məsələlərin nəzərə alınmasını çox arzu eləyərdim. Büdcə zərfi vaxtında verilib, bir aydır ölkə, informasiya vasitələri və biz də bunu müzakirə edirik. Büdcə layihəsi yüksək səviyyədə hazırlanıb. Mən bu layihəni hazırlayanlara təşəkkürümü bildirirəm və hamını buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sevindik Hətəmov.
S. Hətəmov. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri! Qeyd edim ki, hələ ötən əsrin 90-cı illərinin sonlarında ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanılan islahatlar nəticəsində keçən illər ərzində ölkəmizin bütün sahələrində insanlarımızın rifah halının yüksəldilməsində ciddi uğurlar əldə edilmişdir. Bu müddət ərzində dövlət başçısı tərəfindən təsdiqlənən dövlət proqramları bütövlükdə ölkəmizin inkişafında mühüm rol oynamışdır. Demək olar ki, ölkədə aparılan bütün islahatlar insan amilinə xidmət etmişdir. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, bütün resurslarımız insan intellektinə çevrilməlidir. Hesab edirəm ki, məhz bunun nəticəsidir ki, istedadlı insanlara xüsusi diqqət yetirilir, savadlı insanlar qabağa çəkilir və gənclərimizin savadlanmağı üçün hərtərəfli işlər görülür. Bütün bunlar ulu öndərimiz Heydər Əliyev siyasətinin tərkib hissəsidir və Azərbaycanı gözəl gələcəyə aparan bir yoldur.
Azərbaycanda Heydər Əliyev siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin siyasət Azərbaycanın bu günü, sabahı və gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtarıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Məhz 2009-cu ilin dövlət büdcəsi də bu istiqamətə, xəttə xidmət edir. 2003-cü ildən etibarən Azərbaycanda çox böyük iqtisadi proqramlar icra olunmağa başlanmışdır və bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, həmin sahə üçün xüsusi konkret proqram olmasın. Son dörd il ərzində Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə birinci ölkədir. Son dörd il ərzində iqtisadi artım, yəni ümumi daxili məhsulun artımı baxımından bizdən yuxarı ölkə dünyada olmamışdır. Bunlar çox böyük uğurlardır.
Mən bu məqamda bir məsələyə də toxunmaq istərdim. Bu gün Azərbaycanda bir dənə də olsun, çadır şəhərciyi qalmamışdır. Məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılmasına dair 2004-cü ildə qəbul edilmiş dövlət proqramının icrası çox uğurla aparılır. Bu müddət ərzində 12 çadır şəhərciyi ləğv edilib, onların əvəzinə müasir binalar, evlər, məktəblər, tibb məntəqələri tikilibdir. 36 yeni qəsəbə salınıb və işğaldan əziyyət çəkmiş 10 minlərlə soydaşlarımız yeni evlərə köçürülüblər. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində də böyük işlər görülübdür. Mən inanıram ki, cənab Prezidentimizin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız işğaldan azad olunacaq və məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Bəli, bütün bunlar məhz Heydər Əliyev siyasətinin, İlham Əliyev iradəsinin, xalqımızın bu siyasətə, iradəyə bağlılığının nəticəsidir. Əminəm ki, Azərbaycan yaxın illərdə dünyanın ən qabaqcıl ölkələri sırasında olacaqdır. Bunu deməyə kifayət qədər əsaslarımız vardır. Mən büdcənin hazırlanmasında əməyi olan müvafiq hökumət strukturlarının hər birinə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bizə təqdim edilən sənədlər də elə ölkəmizin inkişafının bariz göstəricilərindəndir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
İ. Ağazadə. Nəsib bəyin yerinə mən çıxış edəcəyəm. Razılaşmışıq, biz yerimizi dəyişmişik.
Sədrlik edən. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən də büdcə ilə bağlı bizə təqdim olunan sənədlərlə çox ciddi tanış olmuşam. Burada sənədi təqdim edən hörmətli nazirlərin, Milli Bankın rəhbərinin çıxışına diqqətlə qulaq asdım və belə bir qənaətə gəldim ki, Azərbaycan hökuməti, Azərbaycan büdcəsini hazırlayan strukturlar sanki dünyada nə baş verdiyinin heç fərqində deyildirlər. Çox sakit bir dönəm üçün, yeni bir dövr üçün keçən ildəkindən fərqli olmayan bir büdcə hazırlayıblar. Sadəcə, dünyada baş verən proseslərin Azərbaycana heç bir aidiyyəti yoxmuş kimi, bütün bu işlərin üzərindən sükutla keçirlər. Amma dünyada baş verən hadisələr sübut edir ki, ölkələrdə heç də sakit iqtisadi həyat olmayacaq. Çox ciddi problemlər olacaq və bu problemlərin qarşısını əvvəlcədən almaq hökumətlərin bilavasitə vəzifəsidir. Çox təəssüf ki, bizim büdcədə bunların heç biri nəzərə alınmayıb.
Çıxışların hamısında, istər millət vəkillərinin, istərsə də hörmətli hökumət üzvlərinin çıxışlarında büdcə inkişaf büdcəsi kimi dəyərləndirilir. Bu inkişaf büdcəsi deyilən büdcənin 41 faizə yaxını Neft Fondundan transfertdir. İnkişaf haqqında, inkişaf büdcəsi haqqında danışanlar birmənalı surətdə qəbul etməlidirlər ki, inkişaf büdcəsi transfertlər vasitəsi ilə formalaşdırılmır. İnkişaf büdcəsi əhalinin gəlirlərindən, hüquqi və fiziki şəxslərin mənfəət vergisindən, əlavə dəyər vergisindən daxil olan vergilərin hesabına formalaşdırılan büdcədir. Əgər bir ölkədə büdcənin 41 faizi təkcə transfertlər hesabına formalaşdırılırsa, demək, ölkə geriyə doğru gedir, irəliyə doğru getmir.
Burada gələn il üçün proqnozlarda göstərilən faizlər var. Təsəvvür edin, gələn il üçün vergilərdən daxilolmalar 6,9 faiz, başqa sahələrdən, üst-üstə toplam dörd sahədən daxil olan 14 faiz artım nəzərdə tutulubsa, transfertlərin gələn il üçün artımı az qala 30 faiz nəzərdə tutulub. Bu, hesab edirəm, inkişaf deyil və bunun adını doğru-dürüst müəyyən etmək lazımdır. Elə bizə təqdim olunan sənədlərin birinin ilk səhifəsində 1 barel neftin qiyməti 80 ABŞ dolları göstərilib. Burada bir neçə dəfə səsləndi, 70 dollar. Amma bizə təqdim olunan dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında ikinci səhifədə 1 barelin qiyməti 80 dollar göstərilib. Hesab edirəm, bu qiymət üzərində, hazırda dünya bazarında baş verənlərlə və bugünkü qiymətlə bağlı ciddi düşünmək lazımdır.
Azərbaycanın bütün sahələri, bütün spektrləri üzrə inkişafından danışırıq. Mən, təbii ki, ayrı-ayrı sahələrə toxunub, ayrı-ayrı detallara varmaq istəmirəm. Ümumi qaydada bəzi misallar gətirmək istəyirəm. Keçən il mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən regionların saxlanılması üçün büdcədən 58 faiz vəsait ayrılıb. Bu il mərkəzləşdirilmiş qaydada dövlət büdcəsindən regionların saxlanılması üçün dotasiya kimi ayrılmış vəsaitin miqdarı 61 faizə çatıb. Mən sual edirəm: əgər Azərbaycan kəndində, Azərbaycan rayonlarında istehsal sahələri artırılırsa, regionlarda yeni iş yerləri, fabrik, zavodlar açılırsa, istehsal müəssisələri yaradılırsa, doğrudan da, bunlar varsa, niyə ildən-ilə regionlara dotasiyanın miqdarını bu şəkildə artırırıq? Hökumət üzvləri ciddi şəkildə düşünməlidirlər və yazdıqları ilə dediklərinin fərqində olmalıdırlar. Keçən il mərkəzləşdirilmiş qaydada regionların saxlanılması üçün büdcədən 58 faiz dotasiya ayrılıb. Bu il dotasiya 3 faiz də artırılıb, 61 faizə qaldırılıb.
Bu gün Azərbaycanda təhsilin, elmin və sair sahələrin inkişafından çox cidd-cəhdlə danışılır. Mən baxıram, burada bölgüdə musiqi alətlərinin alınmasına da 1 milyon manat vəsait ayrılır, kənd təsərrüfatına, Azərbaycan əhalisinin 38 faizinin bilavasitə məşğul olduğu sahəyə də. Damazlıq cinslərin və toxum bankının yaradılması üçün də cəmi bircə milyon vəsait ayrılır. Bu çox gülünc rəqəmdir. Hökumət dünyada baş verən hadisələri ciddi şəkildə dəyərləndirərək, birinci, islahatdan başlamalı idi. Mən hesab eləyirəm, hökumətin özünün idarə olunması və strukturlarının təkmilləşdirilməsi ilə bağlı hökumət ciddi addımlar atmalı idi. İlk növbədə, çoxsaylı komitələrin, nazirliklərin, ayrı-ayrı idarələrin büdcədən müstəqil maliyyələşdirilməsinin qarşısı alınmalı və bunlar mərkəzləşdirilmiş qaydada Nazirlər Kabinetinin tərkibinə daxil olmalıdır. Ayrı-ayrı nazirliklər ləğv olunmalı, birləşdirilməlidir və birinci növbədə dövlətin puluna hansı yolla qənaət edilməsinin yolları axtarılmalıdır. Bu gün idarə səviyyəsində fəaliyyət göstərə bilməyən, Azərbaycan Respublikasına xeyir verməyən komitələr var. Niyə saxlanılır bu komitələr? Nədən ötrü? Ona görə ki, orada bir qrup adam məhz bu işlə məşğul olsun? Nazirlər Kabinetinin nəzdində bununla məşğul olmaq olmazmı? Komitələr var ki, onların büdcəsi və gördüyü iş tam bir-biri ilə əkslik təşkil edir. Onun Azərbaycan cəmiyyətinə, Azərbaycanın ictimai-siyasi fikrinə də, iqtisadi inkişafına da, siyasi inkişafına da, dünya dövlətləri içərisində tanınmasına da, bəzi məsələlərdə siyasi tərəflərinə də heç bir qəpiklik əhəmiyyəti yoxdur. Sadəcə olaraq, bəzi şəxslər müəyyən vəsaitlərin bu və ya digər şəkildə mənimsənilməsi və yaxud da özlərini hökumətdə ciddi bir fiqur kimi təqdim etmək üçün ildən-ilə şişirdilmiş büdcələr təqdim edirlər.
Burada təhsil xərcləri ilə bağlı çox ciddi danışıldı. Mən hesab edirəm ki, Azərbaycan hökumətinin təhsilə fundamental baxışı doğru deyil. Mən yaxşı olmayan bir misal gətirəcəyəm. Bir nəfər olimpiya çempionumuza Azərbaycanın müxtəlif strukturları milyon yarıma qədər vəsait verdilər. Təhsil Nazirliyi və hökumət üzvləri 11 il orta məktəb təhsili, 4 il bakalavr, 2 il magistr, 3 il doktorantura təhsili almış bircə mütəxəssis göstərsinlər ki, ona dövlətin hər hansı qurumu bir manat yardım eləyib, onun işlə təmin olunmasında, həvəsləndirilməsində yardım göstərilib. Nədi, Azərbaycan gəncliyini idmana, ancaq hansısa birdəfəlik yarışlara hazırlayırıq? Mən hesab eləyirəm, bu gün İdman və Gənclər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi bilavasitə Təhsil Nazirliyi ilə birləşməli, dünyanın əksər dövlətlərində olduğu kimi, bir sahə üzrə fəaliyyət göstərməlidirlər.
Bu gün Azərbaycanın gəncliyini kateqoriyalara müxtəlif siyasi yanaşmalara görə bölmək doğru deyil. Diqqət edin, olimpiya çempionu olmuş nə qədər insanlarımız bu gün həbsxanadadırlar. Nə qədər insanlarımız cinayət məsuliyyətinə cəlb olunublar. Bu, gəncliyin tərbiyəsinə bilavasitə fundamental qaydada doğru yanaşmamağın nəticəsidir. Heç fərqindəsinizmi, keçən olimpiya çempionatlarında iştirak edən nə qədər adam cinayət məsuliyyəti qarşısında dayanır? Kim yaradır bu şəraiti? Niyə getməmişdi keçən dəfə olimpiadada iştirak edən bu il olimpiya çempionatına? Harada idi? Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında nə işi vardı onun? Onlarla belə faktlar var.
Mən idmançılarımızı da sevirəm, gənclərimizin idmanla məşğul olmasını təqdir edirəm. Amma hökumətin fundamental qaydada bir qrupa bu şəkildə yanaşması... Gənclərimizin təhsilin aparıcı xətt, dünyada təhsil məsələləri ilə bağlı insanların bilavasitə irəli çıxmasının elmi olmadan insanların dünyanın heç bir yerində yüksək mövqeyə yiyələnməməsinin fərqində olmalarını istəyirəm. 700 bal toplayana Prezident təqaüdündən başqa bir nəfər yardım göstərmir. Həmin tələbələr 5 il müddətində universitetlərdə itib-batırlar. Azərbaycan gəncliyinin taleyinə bu şəkildə yanaşmaq doğru deyil. Mən hesab edirəm ki, bu gün Azərbaycan hökuməti tərəfindən bizə təqdim olunan büdcə layihəsi dünyada baş verən iqtisadi gerçəkliklərin heç birini özündə əks etdirmir. Heç uzun bir vaxt da lazım deyil, may ayında gələn rəqəmlər bundan çox fərqli şəkildə, fərqli təqdimatla olacaq.
Mən burada bəzi qeyri-hökumət təşkilatlarına, kütləvi informasiya vasitələrinə ayrılan vəsaitləri görəndə sevindim, amma onların bir qisminin artıq olmasını istəyirəm. Nəhayət, Azərbaycan hökuməti büdcə təqdim olunanda burada iştirak etsin. Mart ayında hesabat verilərkən güc strukturları, Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər və Xarici İşlər nazirlikləri burada iştirak etsinlər. Bizim burada həm büdcə ilə, həm də orada baş verən hadisələrlə bağlı deyə biləcəyimiz sözlər var. Mən sonda bir daha hamınızı 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü münasibəti ilə təbrik edirəm, arzu edirəm, Milli Məclis bu bayramları iş günü olmadan qeyd eləmək haqqında da bir qərar versin. Çox sağ olun.
Sədrlik edən. Oldu, çox sağ olun. Amma İqbal müəllim, büdcədən danışdınız, danışdınız, sonra keçdiniz idmançılara. Bizdə oxuyan tələbələrin sayı ilə olimpiya çempionlarının sayında 0,1 faiz fərq var. Yəni bu müqayisə qətiyyən düz deyil.
İkinci, deyirik ki, Azərbaycan büdcəsi neft üzərində qurulur. Yaxşı, hər dəfə biz bunu veririk, nə eləməliyik? Nefti qonşularımıza verməliyik? 70 il biz Rusiyanın tərkibində idik, inkişaf da yox idi. Yaxşı, bu inkişafı qeyd etməməliyik? 15 ildə Azərbaycanın keçdiyi yolu xaricdə də dəyərləndirirlər. Azərbaycanın 15 ildə keçdiyi yolu Avropanın bir çox ölkələri 70 il ərzində keçməyiblər. Bu nəyin hesabına olub? Bu, göydən düşməyib, əlbəttə, neftin hesabına olub, inkişaf davam da etməlidir. Niyə biz həmişə inkişafda pis istiqamət görürük? Buyurun, Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, burada ən müxtəlif fikirlər söylənilə bilər. Amma fakt ondan ibarətdir ki, Azərbaycan, sözün əsl mənasında, inkişaf dövrünü yaşayır. Bu inkişaf dövrü təkcə siyasi anlamda seçicilərin bu il oktyabr ayının 15-də Prezidentə verdikləri səslərlə ölçülmür, həm də konkret rəqəmlərdə öz əksini tapıbdır. Bunu, sadəcə olaraq, etiraf etmək də olar, etiraf etməmək də. Baxır, məsələyə hansı rakursdan yanaşırsan? Bu gün Azərbaycanın makroiqtisadi göstəricilərinə baxanda, yalnız iki-üç rəqəmi qeyd etmək kifayətdir ki, bu inkişafı görə biləsən. Gələn il üçün proqnozlaşdırılan ümumi daxili məhsulun real artımı 43 milyard 635 milyon manat, adambaşına düşən ümumi daxili məhsulun həcmi 5 min 40 manat, orta aylıq əmək haqqı 353 manatdır. Etiraf etmək lazımdır ki, bir neçə il bundan öncə belə bir artımı düşünmək və yaxud da on il bundan öncə belə bir artıma nə vaxtsa gəlib çıxacağımızı söyləmək bir qədər çətin idi. Amma indi bu, reallıqdır. Bəzi insanlar belə rəqəmlərə o qədər alışırlar ki, bu cür artımlara doğru-dürüst qiymət də verə bilmirlər.
Digər tərəfdən, hesab edirəm ki, bu il bizə təqdim olunan büdcənin strukturu kifayət qədər əsaslandırılıbdır və aparılan bölgü tam ədalətlidir. Bu nə ilə bağlıdır? Bu gün hamımızı bir neçə sahədə islahatların aparılması düşündürür. Bu, ilk növbədə, təhsilə, səhiyyəyə, sosial sahəyə ayrılan yardımlardır, mədəniyyətin, elmin inkişafı ilə bağlı həyata keçirilən ən müxtəlif islahatlardır. Bu gün nəqliyyat sektorunun, yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı cənab Prezidentin irəli sürdüyü təşəbbüslərin dəstəklənməsidir və sair. Təhsilimiz gələcək inkişafımızın bazasını təşkil edir, ona görə də düşünürəm ki, bu sahəyə ayrılan vəsaitləri kifayət qədər dəstəkləmək və zəruri hesab etmək lazımdır. Ümumiyyətlə, təhsil sahəsində son zamanlar aparılan uğurlu islahatlar – yüzlərlə yeni infrastrukturun yaradılması, yeni məktəblərin tikilməsi, yeri gəlmişkən, son 5 ildə yüzlərlə məktəb tikilib, təhsilin fundamental problemlərinin həlli ilə yanaşı, gələcək nəslin yetişdirilməsində və normal vətəndaş kimi formalaşmasında ciddi rol oynayır. Qeyd etmək lazımdır ki, bu gün təhsilin inkişafı ilə bağlı ciddi proqramlar həyata keçirilir. Bu məqsədlə növbəti ildə 1 milyard 352,2 milyon manat vəsaitin ayrılmasını, hesab edirəm ki, kifayət qədər qəbul etmək və dəstəkləmək olar.
Düşünürəm ki, səhiyyənin ehtiyaclarına yönəldilən 508,9 milyon manat bu sahədə həyata keçirilən irimiqyaslı layihənin sona çatdırılması və islahatların sürətlənməsi baxımından da çox önəmlidir. Burada elmlə bağlı fikirlər səsləndi, mən də çox sevinirəm ki, gələnilki büdcədə elmə 105,8 milyon vəsait ayrılıb. Bu vəsaitin 7 milyonu isə elmin inkişaf fondu vasitəsi ilə müxtəlif yeni layihələrin həyata keçirilməsinə, elmi tədqiqatların dəstəklənməsinə yönəldiləcəkdir.
2009-cu ilin büdcəsində yol infrastrukturu və nəqliyyat şəbəkələrinin yaxşılaşdırılması məqsədi ilə nəqliyyat sektoruna daxili və xarici investisiyaların artırılması, şübhəsiz ki, bu istiqamətdə indiyə kimi həyata keçirilən mühüm əhəmiyyətli layihələrin uğurla davam etdirilməsinə şərait yaradacaq, ölkə iqtisadiyyatının, xüsusilə regionların bundan sonrakı inkişafına özünün sanballı töhfəsini verəcəkdir.
Mən gələnilki büdcənin xüsusilə diqqətçəkən məqamlarından birini Azərbaycan gəncliyinin dövlət proqramı üçün 3,2 milyon manat vəsaitin ayrılmasını hesab edirəm. Burada qeyd olundu, bu gün bizim gənclərimiz ən müxtəlif səviyyələrdə Azərbaycanı təmsil edirlər. Ən müxtəlif idman yarışlarında Azərbaycanın bayrağını yüksəldirlər. Gənclərdə vətəndaşlıq, vətənpərvərlik ruhunun artırılması, ümumiyyətlə, onların zərərli vərdişlərdən kənarlaşdırılması üçün, hesab edirəm ki, bu vəsait çox yerindədir və bunu da xüsusi qeyd etmək lazımdır.
Əlbəttə, milli qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülən təşəbbüslərin, ictimai əhəmiyyətli proqram və layihələrin maliyyələşdirilməsi məqsədi ilə növbəti ilin büdcəsində 2,8 milyon manatın ayrılmasını çox yüksək dəyərləndirirəm. Qeyd etmək istəyirəm ki, bu rəqəm 2008-ci illə müqayisədə 83,3 faiz çoxdur. Buna görə də mən cənab Prezidentə xüsusi təşəkkür etmək istəyirəm. Növbəti illərdə qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək üçün bu qədər vəsait ayrılıb. Mənə sual verirlər ki, bu vəsait azdır, çoxdur? Mən demək istəyirəm ki, vəsait heç vaxt kifayət etmir. Əlbəttə, daha çox olsaydı, daha çox layihələr dəstəkləyə bilərdik. Amma bu gün artım göz qabağındadır, hesab edirəm ki, 83,3 faiz artım kifayət qədər müsbət yanaşmadır. Bu vəsaitin daha düzgün xərclənməsinə ciddi nəzarət etməliyik.
Mən fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Bu gün burada da qeyd olundu. Bir çox sahələrdə dövlət vəsaitinin ayrılması ilə bağlı qurumlar fəaliyyət göstərirlər. Xüsusilə qeyd etdiyim Gənclər və İdman Nazirliyi, Elmi İnkişaf Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Şurası və digərləri. Bəzən bu təşkilatlara ayrılan maliyyə vasitələrində təkrarçılığa yol verilir. Mən deyərdim, elə sahələr vardır ki, təşkilatlar müxtəlif ad altında eyni sahələri maliyyələşdirirlər. Bu təkrarçılığın qarşısını almaq üçün mən düşünürəm ki, qeyd olunan təşkilatların nümayəndələrindən ibarət əlaqələndirmə şurası yaradılsa, yaxşı olar. Bu həm prioritetlərimizi müəyyənləşdirər, həm də eyni sahənin dəfələrlə və təkrarən maliyyələşdirilməsinin qarşısını alar. Bu baxımdan belə bir təşkilatın yaradılması və onun iş prinsipinin Nazirlər Kabineti tərəfindən tərtib olunmasını vacib sayıram.
Əlbəttə, büdcənin yeniliklərinə gəldikdə, hesab edirəm ki, ən böyük yenilik kütləvi informasiya vasitələrinə 1,3 milyon manat vəsaitin ayrılmasıdır. Düşünürəm ki, bu bir daha Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının dövlət tərəfindən ciddi şəkildə dəstəklənməsini göstərir. Ümid edirəm ki, növbəti illərdə biz siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin şahidi olacağıq. Hesab edirəm ki, bu, aparılan siyasətin məntiqi davamı kimi də qəbul oluna bilər.
Bir sıra suallara da aydınlıq gətirmək istərdim. Bunlardan birincisi mənzil-kommunal təsərrüfatı xərcləri üçün 209,9 milyon manat vəsait ayrılması ilə bağlıdır. Gəlin etiraf edək ki, bu gün həmin sahədə hələ də problemlər çoxdur. Mən bilmək istərdim ki, bu vəsait hansı səviyyədə nəzarətdə saxlanılır, ümumiyyətlə, həmin vəsaitin effektli xərclənməsi məsələsi nə yerdədir?
İkinci, sosial ipoteka ilə bağlı burada məsələ qaldırıldı. Mən düşünürəm ki, 14 milyon manat çox azdır, bunu artırmaq lazımdır. Növbəti məsələ sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə 74,1 milyon manat vəsaitin ayrılması ilə əlaqədardır. Bu vəsait neçə illərdir ki, təxminən eyni səviyyədə saxlanılır. Bunun səbəbi nədir? Bu rəqəmi artırmağa böyük ehtiyac var.
Burada bir təkliflə çıxış etmək istəyirəm. Son zamanlar Azərbaycanda cənab Prezidentin təşəbbüsü ilə bir çox infrastruktur və təşkilati islahatların aparılmasının şahidi oluruq. Məsələn, bu gün sahibkar üçün bir nömrəli məsələ vergi sistemində “vahid pəncərə”nin tətbiqidir. Hesab edirəm ki, bu özünü çox doğruldur və bundan irəli gələrək digər sahələrdə də belə bir təcrübənin tətbiqinə ehtiyac var. Bu gün dövlət reyestr xidmətində “vahid pəncərə” sisteminin tətbiqini vacib hesab edirəm. Hesab edirəm ki, bu həm də əhalinin, insanların həmin xidmətdən daha səmərəli şəkildə faydalanmasına, bürokratiyanın, süründürməçiliyin qarşısının alınmasına da köməklik edə bilər.
Mən sonda bir məsələni də qeyd etmək istəyirəm. Bu da hörmətli həmkarım Siyavuş müəllimin xahişi ilə bağlıdır. Bayaq Siyavuş müəllim çıxışında qeyd etdi ki, İordaniyada Dövlət Neft Fondunun 200 milyard dollar vəsaiti var. İordaniyanın hətta Prezidenti çadırda yaşayır. Məndən xahiş etdi ki, mexaniki səhvi mən düzəldim. O, İordaniyanı deyil, Liviyanı, onun başçısı Qəzzafini nəzərdə tuturdu.
Düşünürəm ki, növbəti il üçün nəzərdə tutulan büdcə, həqiqətən də, Azərbaycanda başlanılan uğurlu iqtisadi siyasətə yeni bir stimul, yeni təkan verəcək və Azərbaycan əhalisinin, Azərbaycan vətəndaşının bütövlükdə problemlərinin qarşılanmasına, bunların həllinə töhfəsini verəcək. Mən bu büdcəni yetərli, kifayət qədər əsaslandırılmış hesab edirəm və həmkarlarımı buna dəstək verməyə çağırıram. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Mən ilk öncə Milli Məclisin müzakirəsinə təqdim edilən büdcə zərfinin hər il olduğu kimi, bu il də əhatəli və nəfis tərtibinə görə hörmətli maliyyə naziri cənab Samir Şərifova öz minnətdarlığımı bildirirəm. Layihə barədə hörmətli həmkarım Ziyad müəllim və hörmətli nazirlər ətraflı məlumat verdilər. Layihədə respublikamızın 2009-cu il dövlət büdcəsinin gəlirləri 2008-ci ilə nisbətən 16 faiz çox olmaqla 12 milyard 177 milyon manat nəzərdə tutulur ki, bu da ümumi daxili məhsulun 27,9 faizini təşkil edir. Bu gəlirlərin toplanması vəzifəsi hər il olduğu kimi, bu il də, əsasən, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Belə ki, 2009-cu ildə Vergilər Nazirliyi üzrə 5 milyard 750 milyon manat və ya 2008-ci ilə nisbətən 9 faiz çox, Dövlət Gömrük Komitəsi üzrə isə 1 milyard 300 milyon manat və ya 2008-ci ilə nisbətən 17 faiz çox daxilolmalar nəzərdə tutulur. Bu da həmin orqanların kollektivlərinin gərgin əməyi sayəsində mümkün olacaqdır. İnanırıq ki, onlar, həmişə olduğu kimi, 2009-cu ildə də öz üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər.
Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 28,3 faizi həcmində olmaqla 12 milyard 355 milyon manat və ya 2008-ci ilə nisbətən 12 faiz çox nəzərdə tutulmuşdur. Müqayisə üçün qeyd etmək istəyirəm ki, 5 il bundan əvvəllə, yəni 2003-cü illə müqayisədə büdcə xərclərinə görə 10 dəfədən çoxdur. Büdcədə sosial yönümlü xərclərə 4 milyard 24 milyon manat və ya ümumi xərclərin 33 faizi həcmində vəsait sərf edilməsi nəzərdə tutulur. Bu isə respublika əhalisinin rifah halının yaxşılaşmasına öz müsbət təsirini göstərəcəkdir. Bu səbəbdən hesab edirik ki, büdcəmiz sosial yönümlüdür.
2009-cu il dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi bölməsi üzrə 408,9 milyon manat, yəni 2008-ci ilə nisbətən 122,8 milyon manat və ya 42,9 faiz çox vəsait ayrılmışdır. Bu faiz, xatırlatmaq istəyirəm ki, keçən il 11 faiz idi, həmişə bunun narahatçılığını çəkirdik. Bu vəsaitin də 47,8 faizi və ya 195 milyon manatı 2008-ci ilə nisbətən 70,5 milyon manat çox, yalnız kənd təsərrüfatının inkişafını təmin edən tədbirlərin həyata keçirilməsinə sərf ediləcəkdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramının icrasına 60 milyon manat ayrılmışdır. İlk dəfə məhsul istehsalı üçün fermerlərə 77 milyon manat birbaşa yardım, o cümlədən yanacağın və motor yağı dəyərinin 50 faizinin ödənilməsinə 53,6 milyon manat, mineral gübrənin dəyərinin 50 faizinin ödənilməsinə 22,9 milyon manat, yüksək reproduksiyalı toxum istehsalçılarına 6,4 milyon manat, demək olar ki, 6,1 dəfə çox büdcə vəsaiti xərclənməsi nəzərdə tutulmuşdur.
Həmkarım İqbal Ağazadə söylədi. Məndə bütün rəqəmlər var, düzdür, heyvandarlıqda damazlıq, seleksiya işlərinə keçən il ayrılan 1 milyon 600 min manat azaldılıb və çox düzgün olaraq azaldılıb. Nə üçün həmkarım bu sahəyə yeni proqramla əlaqədar 60 milyon manatın ayrılmasını nəzərə almır, ancaq 1 milyon manatı nəzərə alır? Yaxud da keçən il kredit vermək üçün 5 milyon, bu il isə 10 milyon manat ayrılıb. Bunları nəzərə almır, ancaq səhv görür. Əlbəttə, mən başa düşürəm, hər bir insanın, hər bir deputatın gözü kimi isə qara, kimi isə düz görür. Amma mən tövsiyə edərdim ki, hər birimiz bu büdcəyə ədalətlə, düzgünlüklə baxaq. Nəzərə alsaq ki, bundan əlavə kənd təsərrüfatı texnikası alınması üçün “Aqrolizinq” Səhmdar Cəmiyyətinə 40 milyon manat, fermerlərə mikrokreditlər verilməsi üçün 10 milyon manat ayrılıb. Bütün bunlar və kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin müddətinin bir daha uzadılması kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə, bu sahənin intensiv inkişafına xidmət edəcəkdir.
Kənd təsərrüfatına ayrılan büdcə vəsaitinin belə yüksək artımı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kənd əhalisinə, aqrar sahəyə gündəlik diqqət və qayğısının nəticəsidir. Fəxrlə deyə bilərik, 2009-cu ilin büdcəsinin 42,9 faizi, yəni bütün sahələrdən çox artımı göstərir ki, büdcəmiz həm də kənd yönümlü büdcədir.
Bununla yanaşı, büdcədən ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə də diqqəti artırmalıyıq. Kənd təsərrüfatında ən mühüm istehsal vasitəsi olan torpaqların meliorasiya və irriqasiya tədbirlərinə 2009-cu ilin büdcəsindən 205,7 milyon manat və yaxud bu ilin büdcəsinə nisbətən 52 milyon manat artıq vəsait ayrılacaqdır. Bundan başqa, su ehtiyatları və irriqasiya layihələrinə 2009-cu ildə dövlət büdcəsi və Dövlət Neft Fondu vəsaitlərindən, xarici kreditlərdən istifadə etməklə 418,7 milyon manat investisiya xərcləri nəzərdə tutulur. Bunun 197 milyon manatı Dövlət Neft Fondundan ayrılan vəsait hesabına Samur–Abşeron suvarma sisteminin yenidən qurulmasına yönəldiləcəkdir. Bu investisiya proqramları suvarılan torpaq sahələrinin genişləndirilməsini və torpaqların su təminatını yaxşılaşdırmaqla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artımını və kənd yerlərinin inkişafını təmin edəcəkdir. Ona görə də bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin hər il artırılmasını təqdirəlayiq hal sayıram. Düşünürəm ki, bu işlər yaxın gələcəkdə kənd təsərrüfatının intensivləşdirilməsinə öz təsirini göstərəcəkdir.
Bununla belə, iqtisadiyyatın kənd təsərrüfatı bölməsi üzrə 2009–2012-ci illər üzrə nəzərdə tutulan inkişaf konsepsiyasını və proqram göstəricilərini yerinə yetirmək və ölkə əhalisinin daxili istehsal hesabına ərzaq təhlükəsizliyinin daha dolğun təmin edilməsində dönüş yaratmaq üçün kənd təsərrüfatına gələcək illərdə ayrılan investisiyaların və büdcə vəsaitlərinin əhəmiyyətli dərəcədə artırılmasını məqsədəuyğun hesab edirəm.
Göstərilənlərlə yanaşı, büdcə layihəsi ilə əlaqədar bəzi təkliflərimi də bildirmək istəyirəm. Ölkəmizin neft, qaz və digər ehtiyatları tükənməyə başladıqda davamlı iqtisadiyyatın təmin edilməsi üçün kənd təsərrüfatının və kənd yerlərinin xüsusi əhəmiyyət kəsb etməsini nəzərə alaraq bu sahələrə indidən daha diqqətlə yanaşmaq lazımdır. Ona görə də 2009–2013-cü illər üzrə tərtib ediləcək “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramında kənd yerlərinin inkişafına xüsusi önəm verilməlidir ki, kəndlərdə infrastruktur şəbəkələri yaradılsın və kənd əhalisi kənd təsərrüfatı məhsulları və digər alternativ məhsul istehsalı və xidmət göstərilməsi ilə məşğul ola bilsin. Mən inanıram ki, bu proqram kəndlərdə olan problemləri aradan qaldıracaq.
Aqrar sahənin inkişafında mühüm əhəmiyyət kəsb edən və dövlət köməyinə ehtiyacı olan məsələlərdən biri də istehsal edilən məhsulların bazarının formalaşdırılmasıdır. Bunun üçün, ilk növbədə, rayonlarda dövlət büdcəsi vəsaitinin cəlb edilməsi ilə müasir tələblərə cavab verən saxlama kameraları şəbəkəsinin yaradılması üçün investisiya qoyulması məqsədəmüvafiq olardı. Bir çox hallarda fermerlər istehsal etdikləri məhsulları bazara çıxara bilmədiklərinə görə onu çox ucuz qiymətə alverçilərə satır və nəticədə gəlir götürə bilmədiklərinə görə həmin məhsul istehsalından imtina edirlər. Bu da bir çox məhsulların qıtlığına və qiymət artımına səbəb olur. Bunun qarşısını almaq üçün bazarı formalaşdırmağın ən əlverişli iqtisadi təsir mexanizminin böyük təcrübəsi və hər cür imkanları olan, fikrimcə, “Azərittifaq”ın potensialından səmərəli istifadə etmək yaxşı olardı. Bu məqsədlə hər il büdcədən “Azərittifaq”a kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışının təşkili üçün qısamüddətli güzəştli kreditlərin ayrılması, bütün şəhərlərdə və şəhər rayonlarında satış yarmarkalarının fəaliyyətini təmin edən müxtəlif yerlərin ayrılması məqsədəuyğun olardı.
Eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatına istehsal etdikləri məhsulları şəhərlərdə maneəsiz satmaq üçün ödənişsiz əsaslarla daimi satış yerlərinin ayrılması həftəlik və mövsümi sərgi yarmarkalarının təşkil edilməsi barədə “Ailə kəndli təsərrüfatı haqqında” Qanunun tələblərinin yerinə yetirilməsi böyük əhəmiyyət kəsb edərdi. Onu da bildirmək istəyirəm ki, kənd təsərrüfatına ayrılan dövlət yardımları hədər getmir və tezliklə öz bəhrəsini verir. Keçən ilin payızında buğda səpilən sahələrin hər hektarına fermerlərə 40 manat yardım edilməsi bu il buğda istehsalında 350 min tondan çox artıma səbəb oldu və ölkəmizin ərzaq buğdasına ehtiyacı təmin edildi.
Mən fürsətdən istifadə edərək, ölkəmizdə aqrar sahəyə daim diqqət və qayğısına və blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq və abadlıq işlərinə, yeni müəssisələrin və iş yerlərinin açılmasına və sosial-iqtisadi sahədə həyata keçirilən digər tədbirlərə vəsait ayrılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə Naxçıvandan seçilən deputat kimi dərin minnətdarlığımı bildirirəm.
Strateji valyuta fondumuzun 20 milyard dollara yaxınlaşması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsidir. Bu, beynəlxalq aləmdə Azərbaycanın güclü iqtisadiyyata malik ölkə imicinin formalaşmasının əsasını təşkil edir. Hörmətli deputatlar, göründüyü kimi, 2009-cu ilin büdcəsi sosial yönümlü və iqtisadiyyatımızı stimullaşdıran və dayanaqlı inkişaf yaradan və uğurlu iqtisadi siyasətimizin təmkinlə həyata keçirilməsini təmin edən bir sənəddir. Mən layihənin qəbul olunmana səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli hökumət və parlament üzvləri! Birinci növbədə, əlbəttə, mən də qeyd edirəm ki, bu sənəd üzərində çox böyük enerji, zəhmət çəkilib. Eyni zamanda, büdcə ilə əlaqəli Hesablama Palatasının rəyi də kifayət qədər təkmil, əvvəlki illərdən son dərəcə fərqli və büdcəni daha yaxşı anlamağa imkan verən bir səviyyədə hazırlanıb. Buna görə təşəkkürlər. Lakin əlbəttə, burada deyilən bütün fikirlərdə başlıca məqam ondan ibarət idi ki, büdcə ölkənin gələcək həyatını, iqtisad prioritetlərini müəyyənləşdirmək üçün ən yaxşı alətdir. Bu mənada bəlkə 2009-cu ildə hamımızı ciddi şəkildə narahat edəcək məsələ dünyada yaşanan iqtisadi maliyyə böhranının Azərbaycana da təsir etməsidir.
Bəlkə, hörmətli hökumət üzvlərinin qeyd etdikləri kimi, bu sarıdan geniş iqtisadi əsaslar yoxdur. Hərçənd bununla bağlı ayrı-ayrı proqnozlar da var. Mən buna toxunacağam. Amma psixoloji əsaslar, psixoloji komponentlər var. O da bundan ibarətdir ki, bir günün içərisində Çində milyonlarla adam işsiz qalırsa, Amerikanın özündə işsizlər ordusu yaranırsa, Avropanı da bu külək tutubsa, bu sunaminin qarşısında dayanmaq, doğrudan da, çox çətin olacaq. İqtisadi sahədə məşhur bir deyim var. Qeyd edirlər ki, “əgər iqtisadiyyat yuxarıya gedirsə, kapitalist üsuli-idarəsini tətbiq etmək, yox, əgər iqtisadiyyat aşağı gedirsə, sosialist kursundan yararlanmaq daha faydalıdır”. Bu mənada görünür ki, qarşıdakı dövrdə də hökumətin büdcəyə məhz bu cür yanaşmaları və təsirləri qaçılmaz olacaq. Belə rəy də mövcuddur ki, 40 ildən bir, ümumiyyətlə, maliyyə ehtiyatlarının ciddi ucuzlaşması, tamam dəyərdən düşməsi meyili gedir və bu, təxminən elə indiki illərə düşür.
Amerikanın da vaxtilə, 1929–1933-cü illərdə yaşadığı depressiyalar həmin sikllə indiyə gəlib davam edəcək. Ən başlıca məsələ bundan ibarətdir ki, artıq sığorta bazarında bu və ya digər tərəddüdlər yaranırsa, bir neçə iqtisadi subyektin fəaliyyətində problemlər meydana çıxırsa, demək, əhali arasında da narahatlığın yaranması mümkündür. Ən başlıca məsələ bundan ibarətdir ki, Azərbaycanın banklarına və digər sferalarına inam göstərən insanlar hər hansı bir narahatlığı, psixoloji gərginlikləri yaşamasınlar. Mənə elə gəlir ki, hökumətin qarşısında duran ən ciddi vəzifələrdən biri bu olmalıdır. Vətəndaş hansı valyutaya üstünlük verməlidir, bunu necə saxlamalıdır? Ən başlıca məsələlərdən biri budur. Bu, təkcə ona görə lazım deyil ki, neft etibarsız bir resursdur, ona daim söykənməklə idarəetməni onun üzərində qurmaq olmaz.
Vaxtilə Turqut Özal deyirdi: yaxşı ki, bizim ölkəmizin nefti yoxdur, yoxsa mən türk xalqını işlədə bilməzdim. Çuvaşiyanın da Prezidenti söyləmişdir ki, bizim nə qiymətli metallarımız var, nə də enerji resurslarımız, ona görə də biz daha çox düşünürük. İqtisadiyyatı qeyri-neft sektorunun müstəvisinə keçirmək üçün daha artıq zərurətlər var. Bu sarıdan hansı alternativlər var? Bu barədə daha çox Azərbaycanın iqtisadiyyat mütəxəssisləri qeyd edirlər. Bu, kənd təsərrüfatı, telekommunikasiya, informasiya texnologiyaları sferalarıdır. Tikinti önəmlidir, orada əhalinin 1– 2 faizi məşğul olur. Kommunikasiya sferasında əhalinin 2–3 faizi, amma kənd təsərrüfatında əhalinin 38 faizi məşğul olur.
Belə olan təqdirdə, doğrudan da, kənd təsərrüfatının inkişafı bu büdcənin ən başlıca hədəfi olmalıdır. Amma gəlin görək, büdcədən ayrılan vəsaitlər bunu təmin edəcəkmi? Mən, doğrusu, iqtisadi hesabatların mötəbərliyinə tam əmin deyiləm, yəni bunun təsdiqə ehtiyacı var. Qeyd olunur ki, kənd təsərrüfatına, xüsusilə də torpağa qoyulan 1 dollar investisiya 4 dollara yaxın dəyər yaradır. Kənd təsərrüfatı sferasına ayrılan ümumi vəsait 200 milyon dollardan artıq deyil. Belə olan təqdirdə bunun yaradacağı dəyər də 800 milyon dollardan artıq olmayacaq. Kənd təsərrüfatı üçün ayrılan vəsait ümumi daxili məhsulda 3,3 faiz, 2009-cu il üçün müəyyənləşən ümumi büdcənin tutumuna töhfəsi 0,9 faiz olaraq qalacaqdır. Hər kəs Hesablama Palatasının rəyinə baxıb bir daha tanış ola bilər.
Kəndin maliyyələşdirilməsi proqramı məsələsinə keçən dəfə Elman Rüstəmov toxundu. Bu çox maraqlı məsələdir. Yəni söhbət təkcə hər hansı bir kənd təsərrüfatı sahəsində layihənin maliyyələşdirilməsindən getmir, bütövlükdə kəndin maliyyələşdirilməsindən gedir. Mən hesab edirəm ki, ərzaq təhlükəsizliyinin tam təmin olunması da, demoqrafik məsələlər də, vətəndaşların bir yerdən digər yerə axını da məhz bundan daha artıq dərəcədə asılı olacaqdır. Bu mənada, hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin çevik bir struktur kimi işləməsi və bütün proseslərə təsir göstərməsi üçün Bakıda yox, Azərbaycanın bir bölgəsində yerləşdirilməsi daha effektli olardı. Dünyada bununla bağlı xeyli praktika göstərmək olar.
Mən düşünürəm ki, paralel şəkildə kreditləşmənin, burada hörmətli həmkarlarımın da dediyi kimi, həddindən artıq sadələşdirilməsinə və bunun vətəndaşa, kəndliyə çatdırılmasına ciddi diqqət ayrılmalıdır. Bu illər ərzində belə siyasət yürüdülüb. Xüsusilə də taxıla dotasiyaların verilməsində. Amma gəlin görək, nə baş verir? Vətəndaş bu məhsulu istehsal edir. Amma məhsul anbarlarda qalır, onlar əlverişli zaman gözləyirlər. Burada dövlət özü alıcı rolunda çıxış etməlidir. Biz taxılı kənardan gətirəndə mütləq qiymət siyasətində özünü göstərir.
Mən başqa sahələrə də toxunmaq istəyirəm. Burada büdcə ilə bağlı ən vacib vəzifələrdən biri qarşıdakı dövrdə islahatlar prosesinin sürətləndirilməsidir. Ölkə başçısı özünün andiçmə mərasimində qarşıdakı dövrlərdə məhz bu siyasəti yürüdəcəyini bir daha bəyan etmişdir. Düşünürəm ki, təhsil sahəsində islahatlar daha sürətli olmalıdır. Ötən dövrlər ərzində bu yöndə işlər görülüb. Bunu inkar etmək mümkün deyil. Lakin Təhsil Nazirliyi özü də bəyan edir ki, bir sıra yeni proqramların tətbiqinə ehtiyac var. Əgər bəyan olunursa ki, biz yaddaş təhsilindən imtina edib artıq təfəkkür təhsilinə keçirik, deməli, bu işə ciddi ehtiyac var. Düşünürəm ki, bu yöndə texniki-peşə məktəblərinin cəmiyyət üçün yararlığının monitorinqini apararaq bir sıra digər dövlət proqramları həyata keçirilməlidir.
Hörmətli Ziyafət müəllim, Siz, bildiyimiz kimi, elm sahəsini təmsil edirsiniz. Cəmi 8 min 600 elmlər namizədimiz var. Mən hesab edirəm ki, yüz min əhaliyə nə qədər düşdüyü və dünyada bu rəqəmin neçə olduğu bir çoxlarına bəllidir. Amma mən hesab edirəm ki, bununla bağlı Maliyyə Nazirliyinin ölkə başçısına məruzə etməsindən sonra heç bir problem olmayacaq, çünki Prezident dəfələrlə ən müxtəlif sahələrə son dərəcə diqqət göstərdiyini nümayiş etdirib. Onların maaşlarının və elmi dərəcələrinə görə aldıqları əmsalların kifayət qədər artırılması üçün işlər görülə bilər.
Təhsillə bağlı bir problemi də qeyd etmək istəyirəm. Necə olur ki, Azərbaycan vətəndaşı türk liseylərinə və digər liseylərə vəsait qoyur, amma bunu Azərbaycan məktəbinə etmək istəmir? Deməli, bu siyasətdə ciddi dəyişikliklərə ehtiyac var. Elmlə bağlı xərclər haqqında danışılacaq. Amma yalnız onu demək istəyirəm ki, bizim 1700 elmlər doktorumuz var. Onların orta yaş həddi 56-dır. Bu elmi fasiləsizliyin bir müddətdən sonra ciddi problemini görəcəyik. Onun cəmi 230 nəfəri 35 yaşdan aşağıdır. Mən hesab edirəm ki, elm xərcləri artırılmalıdır. Əlbəttə, bunlar Milli Elmlər Akademiyasının vəzifəsidir. Cənab Prezident bəyan etmişdir və onlara tapşırıq vermişdir ki, Milli Elmlər Akademiyası elmin islahatı proqramını hazırlasın, amma üstündən 10 ay keçib, hələ addımlar atılmayıb. Elmi proqramların maliyyələşdirilməsinə ciddi ehtiyac var.
Nəhayət, mən təmsil etdiyim bölgə ilə bağlı bir-iki məsələni qeyd etmək istəyirəm. Qarabağ münaqişəsinin ən ağrılı yükünü bu insanlar, Bərdə camaatı daşımaqdadır. Onların məktəblərinin 80 faizi məcburi köçkün və qaçqınlar tərəfindən tutulubdur. Mən hesab edirəm, Azərbaycanın imkanları bu gün yol verir ki, onları normal bir şəraitə köçürərək Qarabağ bölgəsində təhsilin səviyyəsinin qalxması üçün addımlar atılsın. 10 il ərzində Bərdədən ali məktəblərə qəbul olunanların sayı min nəfərdən artıq deyil. Min nəfər 140 min əhali kütləsinin yükünü necə daşıyacaq? Bunu təsəvvür etmək çətindir. Su ilə bağlı məsələləri yazılı olaraq çatdırmağımız mümkündür. Bütövlükdə Azərbaycan zəngin resurslara malikdir və onun güclü lideri var. Sadəcə, bizdən tələb olunur ki, bunlardan millətimizin maraqları üçün istifadə edək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Vasif Əliyev.
V. Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim! Azərbaycan Respublikasının 2009-cu il üçün büdcəsi Milli Məclisin daimi komissiyalarının birgə iclasında diqqətlə öyrənilmiş, müzakirə olunmuş və büdcə Milli Məclisin müzakirəsinə verilmişdir. Mən də digər deputat həmkarım kimi, bu büdcənin lehinə səs verəcəyəm, çünki büdcə çox yüksək səviyyədə hazırlanmışdır. Büdcədə Azərbaycan Respublikasının bütün sahələri yüksək inkişaf tempi formasında göstərilmişdir. Məlumdur ki, dövlət büdcəsi hər bir dövlətdə olduğu kimi, bizim respublikada da xalqın iqtisadi güzgüsüdür. Mən bəzi fikirlərimi sizinlə bölüşmək istərdim.
Astara rayonunda bəzi problemlər var, bunların həlli lazımdır. Bu sahədə hörmətli Prezidentimiz dəfələrlə öz fikrini bildirmişdir, müvafiq tapşırıqlar vermişdir. Hələ 2003–2008-ci illər üçün iqtisadi-sosial proqram hazırlananda Astara üzrə də müəyyən işlər görülməsi nəzərdə tutulmuşdur. 2009-cu ildə Kənd Təsərrüfatı Nazirliyinə büdcədən 43 faiz maliyyə artırılıb. Bu çox gözəl göstəricidir. Mən məsləhət görərdim ki, Kənd Təsərrüfatı Nazirliyi bütün rayonlar üzrə büdcəni bölüşdürəndə Astaranı da yaddan çıxarmasın. Astarada bu illərdə və gələcəkdə çayçılığı, sitrus bitkilərinin inkişafını, kartofun istehsalını artırmaq mümkündür. Düzdür, ucqar kəndlərdə yolların vəziyyəti bərbaddır. Amma nəzərdə tutulur ki, 2009 və 2011-ci illər ərzində bu yolların bərpası məsələsi cənab Prezidentin tapşırığı ilə həll olunacaqdır. Mən Kənd Təsərrüfatı Nazirliyindən xahiş etmək istərdim ki, müvafiq mütəxəssisləri göndərsin və həmin rayonda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün hansı tədbirlərin görülə biləcəyi araşdırılsın, proqram tutulsun, nazirlik tərəfindən yoxlanılsın, Nazirlər Kabinetinə göndərilsin. Güman edirəm ki, hörmətli Prezidentimiz belə təşəbbüsü dəstəkləyər.
Astarada mövcud olan digər problem Səhiyyə Nazirliyi ilə əlaqədardır. Hələ 1970-ci illərin əvvəlində ulu öndərimiz tərəfindən istismara verilən mərkəzi klinik xəstəxana bu gün nə əsaslı təmir edilib, nə də müvafiq avadanlıqlarla təmin olunub. Mən istərdim, hörmətli Səhiyyə Nazirliyindən xahiş edim ki, bu məsələnin həllində kömək göstərsinlər. Ayrılan büdcədən imkan daxilində istifadə edərək yaxın 2–3 ildə bu işlər görülsün.
3–4 il bundan qabaq Astaraya su xətti çəkilib. Fikir verin, bu xətt yarıda qalıb. Axı, bu xətt ildən-ilə korroziyaya uğrayır, istismar olmayan xətt korlanır. Amma bu xəttin çəkilməsi vacibdir, çünki Astarada su problemi çox ağır vəziyyətdədir, kanalizasiya yoxdur. Mən müvafiq təşkilatlardan xahiş edirəm ki, bunların həllindən ötrü müvafiq tədbirlər görsünlər.
Amma onu da qeyd edim ki, 2009-cu il büdcəsi, doğrudan da, çox yüksək səviyyədə hazırlanmışdır. Bizim maliyyə naziri Samir müəllim, iqtisadi inkişaf naziri Şahin müəllim və digər nazirliklər, xüsusilə də Nazirlər Kabineti başda hörmətli Baş nazir və onun müavini olmaqla yüksək səviyyədə büdcə hazırlayıblar. Mən bu büdcənin lehinə səs verəcəyəm və deputat həmkarlarımdan da xahiş edirəm ki, bu büdcənin təsdiq olunmasına səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən komissiyanın iclasında bir sıra suallarla büdcə layihəsinin tərtibçilərinə müraciət etmişdim. Amma mənim suallarımın heç birisinə cavab verilmədi. Ona görə də bu suallardan üçünü burada yenidən səsləndirmək qərarına gəldim.
Birinci sualım strateji məhsullarla bağlı büdcəyə ödənişlərlə əlaqədardır. Bilmək istərdim ki, strateji məhsullar deyildikdə buraya neft və neft məhsullarından başqa daha hansı məhsullar cəlb olunmuşdur? Əgər cəlb olunubsa, onda büdcədə nəzərdə tutulan 355 milyon manatın hansı hissəsi neft və neft məhsullarının payına, hansı hissəsi isə qeyri-neft strateji məhsullarının payına düşür?
İkinci sualım investisiya layihələri ilə bağlı idi. Məlumdur ki keçən il parlamentə investisiya layihələrinin siyahısı təqdim olunmuşdur. Ancaq bu gün həmin siyahı sənədlərin içərisində yoxdur. Hamının yadındadır ki, keçən il büdcənin şəffaflığını təsdiq etmək üçün bu faktdan indiyə qədər bir təbliğat vasitəsi kimi istifadə olunubdur. Dediyim kimi, bu gün sənədlərin içərisində həmin siyahı yoxdur. Bilmək istəyirəm ki, bunun səbəbi nədir?
Üçüncü sualım, təbii ki, Dövlət Neft Fondu ilə bağlıdır. Hamıya məlumdur ki, Dövlət Neft Fondu yaradılanda neftdən gələn sərvətin gələcək nəsillərə saxlanılması bu fondun əsas məqsədi kimi qarşıya qoyulmuşdu. Amma bu il məlum olur ki, 2009-cu ildə Dövlət Neft Fondunun 35 faizindən artığı Dövlət Neft Fonduna köçürülür. Mən şübhə etmirəm ki, neftin qiyməti bir qədər aşağı düşərsə, bu ayırmalar artacaq. Hətta hesablamalar var ki, 60 faizə çatacaq. Əgər belədirsə, Dövlət Neft Fondunu saxlamağın bir əhəmiyyəti qalıbdırmı?
Hörmətli deputatlar, iqtisadiyyatın sürətlə inkişaf etməsi haqqında müxtəlif bəyanatlara baxmayaraq, biz bu layihəni təhlil edəndə burada inkişafın izlərini, təəssüf ki, görmədik. Adətən, işgüzar fəallıqla bağlı büdcə artımı iki sahədə özünü göstərir. Bu, bayaq məndən qabaq həmkarlarımın biri də qeyd etdi ki, fiziki şəxslərin gəlir və mənfəət vergisi ilə bağlıdır. Amma bizə təqdim olunan sənədlərdən aydın olur ki, 2009-cu il büdcəsində bütün büdcə artımının təxminən 90 faizi iki mənbəyə əsaslanır. Onlardan biri Dövlət Neft Fondundan ayırmalardır, digəri isə əlavə dəyər vergisidir. Başqa sözlə desək, Dövlət Neft Fondunun təxminən 65,2 faizi Dövlət Neft Fondunun hesabına nəzərdə tutulmuşdur. Yəni artım olan 1 milyard 693 milyon manatdan 1 milyard 115 milyonu Dövlət Neft Fondundan köçürüləcəkdir. Əgər biz buraya 10 faiz olan strateji məhsullardan ixrac ödənişlərini də əlavə etsək, onda belə çıxır ki, builki artımın bütünlükdə düz 75 faizi neft sektorunun hesabına olacaqdır. Bu faktın özü göstərir ki, Azərbaycanda neft sektorundan kənarda büdcə artımı yoxdur.
Azərbaycanın büdcəsində vergi payının aşağı olmasını bizim vergi dərəcələrinin aşağı olması ilə izah etmək, elə bilirəm ki, düzgün olmazdı. Bizim vergi dərəcələrimiz heç bir inkişaf etmiş, hətta keçid dövrünü yaşamış ölkələrin vergi dərəcələrindən aşağı deyildir. Bunun bircə səbəbi vardır: Azərbaycan iqtisadiyyatının vergi potensialı yoxdur. Mütəxəssislərin hesablamalarına görə, inkişaf etmiş ölkələrdə, həmçinin inkişaf etməkdə olan ölkələrin büdcələrində verginin payı, adətən, 70 faizdən 85–90 faizə qədər olur. Amma bizdə bu pay məlumdur ki, son illərdə ilk dəfə olaraq 50 faizə qədər artıb. Bu vəziyyətə rəğmən biz büdcənin Dövlət Neft Fondu hesabına doldurulması praktikasına başlamışıq.
Dünyada neftin qiyməti aşağı enir. Biz isə Dövlət Neft Fondundan büdcəyə köçürmələr edirik. Bu gün məlum oldu ki, neftin qiyməti hətta 55 dollardan da aşağı düşübdür. Mütəxəssislər hesablayıblar ki, neftin 80 dollardan 50 dollara düşməsi Azərbaycan dövləti üçün 6 milyard manata qədər itki deməkdir. Dünəndən biz burada müxtəlif çıxışları eşidirik. Çıxış edən dövlət məmurlarının heç birinin çıxışında bu qədər itkinin nigarançılığı hiss olunmur. Çıxış edənlər ancaq bir fikri təsdiqləyirlər ki, dünyada baş verən hadisələrin bizim büdcəmizə heç bir təsiri olmayacaqdır.
Bu nikbinlik haradandır? Bunun bir cavabı var ki, hamı Dövlət Neft Fonduna arxayındır. Arxayındırlar ki, neftin qiyməti nə qədər aşağı düşsə də, Dövlət Neft Fondunun büdcəsi büdcəni indiki səviyyədə saxlamağa imkan verəcəkdir. Əgər neft gəlirlərinin pik ilində, yəni 2009 və 2010-cu illərdə biz gəlirləri büdcəyə köçürəcəyiksə, onda sual olunur: bu gəlirlərin səviyyəsi aşağı enəndə pul haradan tapılacaqdır? Ümumiyyətlə, Dövlət Neft Fonduna arxayınçılıq elə bir həddə çatıbdır ki, hətta ayrı-ayrı idarə və müəssisələrdən dövlət büdcəsinə olan vergi borcları da tamamilə unudulmuşdur. Məsələn, mən Hesablama Palatasının rəyində bir rəqəmə rast gəldim. Bu gün idarə və müəssisələrin dövlət büdcəsinə borcu 3,7 milyard manata çatıbdır.
Təsəvvür edin ki, bu gün büdcə hesablanır, formalaşdırılır, hökumət vəsait tapmır, vəsait, əsasən, Dövlət Neft Fondundan gətirilir, yəni gələcək nəslin pulundan götürülür. Ancaq idarə və müəssisələrin dövlət büdcəsinə borcu 4 milyard manata çatıbdır. Hesab edirəm, bütün bunlar sübut edir ki, Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasının çox anormal bir strukturu yaradılmışdır. Hesab edirəm ki, ilk növbədə buna etiraz edilməlidir.
Qısa şəkildə səhiyyəyə ayrılan xərclərə münasibət bildirmək istəyirəm. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə həm səhiyyə, həm də təhsil xərclərinə münasibət bildirmək istəyirəm. Bunlarda təhsil xərclərinin büdcədə payı, adətən, 18–20 faiz məbləğində və bu xərclərin ümumi daxili məhsulda payı isə 4 faizdən 6 faizə qədər müəyyənləşdirilir. Azərbaycanda isə təhsil xərcləri cəmi 10,8 faiz nəzərdə tutulmuşdur ki, bunun da 85 faizi əmək haqqına gedəcəkdir. Əgər inflyasiya yeminə çevriləcək əmək haqqına ayrılan artımları nəzərə almasaq, onda son illər ərzində təhsil sahəsində real xərc artımı olmayıbdır. Eyni sözləri biz səhiyyə haqqında da deyə bilərik. Bu il büdcəmizdə səhiyyəyə ayrılan xərclər 2,5–3 faiz, ümumi daxili məhsulun isə təxminən 1 faizi civarında dəyişir. Ancaq müqayisə etdiyimiz ölkələrdə bu xərclərin payı ümumi daxili məhsulun 2,5–3,5 faizi arasında dəyişir. Həm də nəzərə alaq ki, bu ölkələrdə kifayət qədər böyük ümumi daxili məhsuldan söhbət gedir. Onda 2,5–3,5 faizin nə demək olduğu, yəqin ki, hamımıza aydın olar.
Ümumiyyətlə, Azərbaycanın builki büdcəsində səhiyyəyə, təhsilə, sosial sahəyə cəmi 22–23 faiz xərc ayrılmışdır. Başqa ölkələrdə isə, adətən, təkcə sosial müdafiəyə 20 faizə qədər xərc ayrılır. Ancaq büdcənin 50 faizə qədəri sosial sahəyə yönəldilir. Məsələn, Qazaxıstanın indiki büdcəsində bütün büdcənin 40 faizi sosial sahəyə yönəldilir. Mən də hesab edirəm ki, səhiyyəyə, sosial sahəyə, o cümlədən təhsilə ayrılan xərclər artırılmalıdır.
Bir məsələyə, iri vergi ödəyicilərinə vəsaitin ayrılması məsələsinə də toxunmaq istəyirəm. Məlum olduğu kimi, 2008-ci ildə Bakı Elektrik Şəbəkəsinə 130 milyon manat, “Azərenerji”yə 200 milyon manatdan artıq, Xəzər Dəniz Gəmiçiliyinə 105 milyon manat, Metropolitenə 44 milyon manat vəsait ayrılıbdır. Aydındır ki, dövlətin ictimai xidmət göstərən təşkilatlara dotasiya vermək hüququ vardır. Ancaq bir şərtlə ki, bu idarələrin gəlir xərcləri şəffaf olsun. Əgər bu idarələrin ümumi gəlirləri, həmin gəlirlərin mənbələri, eyni zamanda, gəlirlərə uyğun xərclər haqqında bizə məlumat verilmirsə, onda bunların ehtiyacları necə müəyyənləşdirilməlidir? Hesab edirəm ki, onların gəlir və xərclərinin, smetasının layihəsi bizə təqdim edilməli idi. Əgər bizə təqdim edilmirsə, o halda, heç olmasa, mətbuatda dərc edilməli idi.
Şəffaflıqdan söz düşmüşkən, bir məsələyə də aydınlıq gətirilməsini istəyirəm. Niyə təqdim olunan layihədə, tutaq ki, səhiyyə, təhsil xərcləri bəndlər üzrə ayrı-ayrılıqda verilmir? Niyə yerli gəlirlər və xərclər ayrı-ayrı bəndlər üzrə verilmir? Əgər İmişlinin xərci 17 milyon 323 min manatdırsa, mən necə müəyyən etməliyəm ki, bunun hansı hissəsi abadlıq işləri üçün nəzərdə tutulmuşdur? Əslində, Hesablama Palatası bütün bunları qabartmalı idi. Ancaq çox təəssüf ki, büdcə haqqında rəy əvəzinə o da bizə Maliyyə Nazirliyi kimi büdcənin izahını verir.
Ən qısa şəkildə yaşadığım və seçildiyim İmişli rayonunun qaz problemi haqqında da danışmaq istəyirəm. Tez-tez dövlət məmurlarının dilindən ölkənin 80 faizinin qazlaşdırılması haqqında bəyanatlar verilir. Ola bilsin ki, coğrafi baxımdan bu, düzgündür. Yəni ölkənin 80 faizinin ərazisində məşəl də olsa, yandırılır. Niyə siz bu hesablamanı əhalinin sayına görə aparmırsınız? Təmsil etdiyim İmişli rayonunda 15 il qaz olmayıb. Təxminən 3 il bundan qabaq şəkər zavodu ilə əlaqədar bir ay müddətində rayona qaz çəkilib. Ancaq 3 il müddətində, təsəvvür edin ki, biz rayonun mərkəzini qazlaşdırıb qurtara bilməmişik. Ancaq rayonun 60-dan çox kəndi vardır ki, onların heç birində indiyə qədər nəinki qaz yoxdur, heç qaz xətti də çəkilməyib. Mən bu məsələ ilə əlaqədar cənab Məlikova müraciət etmişəm, ancaq hər dəfə eyni cavab almışam: “vəsait yoxdur”.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm. Mən də iki gün ərzində Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsinin layihəsi ilə əlaqədar burada səsləndirilən müsbət fikirlərə qoşuluram. Hesab edirəm ki, Azərbaycanın dövlət büdcəsinin layihəsi onun haqqında bu cür müsbət sözlərin deyilməsi üçün ciddi əsaslar yaradır, sadəcə olaraq, buna layiqdir. Azərbaycanın növbəti il üçün dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafının ayrı-ayrı göstəricilər üzrə bariz ifadəsidir. Ola bilsin ki, kimlərsə Azərbaycanda iqtisadi inkişafı və onun göstəricilərini olduğu rəngdə deyil, başqa rənglərdə təqdim etmək istəyirlər. Amma reallıq, həqiqət ondan ibarətdir ki, Azərbaycan son illərdə sürətlə inkişaf etdiyi kimi, növbəti il üçün müəyyənləşdirilən büdcə də növbəti il üçün Azərbaycanın inkişafının davam edəcəyinə ciddi inamlar yaradır.
Bütün dünyada çox ciddi şəkildə iqtisadi böhran, demək olar ki, ölkələrin əksəriyyətini əhatə edib. Yəqin, Azərbaycanda yaşayanların hər biri bunun şahididir ki, respublikamızda dünya iqtisadi böhranının təsiri o qədər də özünü göstərməyib. Belə olan halda Azərbaycanın inkişaf templəri, həm də bu inkişaf templərini özündə göstərən büdcənin göstəriciləri, mən hesab edirəm ki, təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. İnanıram ki, dövlət büdcəsi 2009-cu ildə də yerinə yetiriləcək və büdcənin yerinə yetirilməsi ilə əlaqədar, eyni zamanda, Azərbaycanın iqtisadiyyatında və həyatın digər sahələrində inkişafı davam etdiriləcəkdir. Bəzi müxalifət təmayüllü və müxalifət düşüncəli insanlar Azərbaycanın büdcəsində də, iqtisadiyyatında da neft amilinin özünü göstərməsini həddən artıq tənqid etməyə meyil göstərirlər. Az qala, belə çıxır ki, Azərbaycan nefti olduğuna görə, kimdənsə utanmalıdır. Mən hesab edirəm ki, bütün dünyada həyata keçirilən siyasətin mərkəzində elə neft dayanır və biz məmnunuq ki, Azərbaycanın nefti var, Azərbaycanın neftindən ağılla istifadə olunur. Neft Azərbaycan iqtisadiyyatına çox ciddi dəstək verir.
Burada bildirirlər ki, nəyə görə Azərbaycanın Dövlət Neft Fondundan Azərbaycanın dövlət büdcəsinə transfer edilib, bunu gələcəyə saxlamaq lazım idi. Təbiidir ki, bu fond ondan ötrü yaradılıb ki, Azərbaycanın iqtisadiyyatının belə transferə ehtiyacı olanda həmin transfer edilsin. Bu indi yaradılanda indi ediləcək, gələcəkdə yaradılanda gələcəkdə ediləcəkdir. Bu məqsədlə yaradılıb. Sadəcə, vəsaiti yığıb saxlamaqdan ötrü yaradılmayıb. Əgər bu gün Azərbaycan iqtisadi böhrandan yan keçmək, öz iqtisadiyyatının inkişafını davam etdirmək istəyirsə, fondda yığılıb saxlanan puldan istifadə etməlidir və bunda qəbahət yoxdur. Mən hesab edirəm ki, dünyanın neft strategiyasına Azərbaycanın birbaşa təsir göstərmək imkanı yoxdur və neftin qiymətinin aşağı düşməsinin də qabağını biz, təəssüf, ala bilmirik. Amma biz ağıllı hərəkət edib Neft Fondunda topladığımız vəsaitdən Azərbaycanın müəyyənləşdirdiyi sosial-iqtisadi layihələrin həyata keçirilməsi üçün istifadə ediriksə, hesab edirəm ki, buna görə Dövlət Neft Fondunu yaradanlara, formalaşdıranlara ən azından təşəkkürlərimizi bildirməliyik.
Azərbaycanda gənclər və təhsil siyasəti ilə əlaqədar deyilən tənqidlərə də münasibətimi bildirmək istəyirəm. Azərbaycan dünyada çox azsaylı ölkələrdən biridir ki, orada gənclər siyasətini həyata keçirən xüsusi nazirlik var. Digər tərəfdən, idmana bütün dünyada qiymət və önəm verildiyini Azərbaycanda da hər kəs başa düşür. Başa düşməyənlər, yəqin ki, başqa şey başa düşmək istəyirlər. Bu yaxınlarda Çində olimpiada keçirildi və Çin dövləti öz vəsaitlərinin böyük bir hissəsini, 100 milyarda qədər vəsaitini olimpiadanın keçirilməsinə xərclədi. Əgər olimpiada, idman qiymətli bir şey deyilsə, bunun mənası yoxdursa, Çin kimi öz pulunun qədrini bilən dövlət olimpiadanı keçirmək üçün nəyə görə bu qədər vəsait xərclədi? Digər bir tərəfdən, idman və layiqli idmançılar hər bir ölkəni təmsil edən yaxşı elçilərdirlər. Mən güman edirəm ki, Azərbaycan idmançısının Pekin olimpiadasında Azərbaycanın bayrağını yüksəyə qaldırması Azərbaycanın qürur və iftixar mənbəyinə çevrilməlidir. Çox yaxşı ki, Azərbaycanın iş adamları da onların bu qəhrəmanlıqlarını layiqincə qiymətləndirdilər.
Azərbaycanda təhsillə əlaqədar dövlətin həyata keçirdiyi siyasətlə bağlı qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin başçısı hörmətli İlham Əliyevin təşəbbüsü ilə 10 il ərzində Azərbaycanın 5 mindən yuxarı gəncinin xaricdə təhsil alması üçün xüsusi dövlət proqramı hazırlanıb. Həmin proqramın həyata keçirilməsi üçün də yetərincə vəsait ayrılıb və hər il də bu vəsaitdən istifadə olunur. Mən hesab edirəm ki, bunu görmək, bilmək, qiymətləndirmək lazımdır. Dediyim kimi, yəqin ki, bunu görməmək, Azərbaycanın reallıqlarını, gerçəkliklərini tamam başqa bir formada təqdim etmək olardı.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Bilirsiniz, populizm bəlkə də meydanlarda fayda verir. Amma hesab edirəm ki, Milli Məclisin tribunasında, Milli Məclisin iclaslarında populizm o qədər də səmərəli bir forma deyil. Kim nə qədər xidmətlər göstərirsə, onun qiymətini də alır, amma eyni zamanda, qanundankənar hərəkət eləyənlərə də hərəkətlərinə uyğun qiymətlər verilməlidir. Əgər vaxtilə olimpiya çempionu adına layiq görülmüş, qəhrəmanlıq etmiş bir adam sonradan qanunları pozursa, ona qarşı nə tədbir görülməlidir? Mən elə bilirəm, törətdiyi cinayətə, qanun pozuntusuna uyğun tədbir görülməlidir. Mən elə hesab edirəm ki, ədalət də, demokratiya da, düzgünlük də bundan ibarətdir. Qəhrəmanlıq da qiymətləndirilir, cinayətə də hüquqi qiymət verilməlidir. Cinayət törədənlər harada olur, hətta olimpiya çempionu olsalar belə, müvafiq yerdə olmalıdırlar.
Beləliklə, mən hesab edirəm ki, Azərbaycanın dövlət büdcəsi Azərbaycanın davamlı və dayanıqlı inkişafının bir daha təsdiqinə çevrilib. Biz dəfələrlə Azərbaycan iqtisadiyyatının dayanıqlı, davamlı təməl üzərində qərarlaşdığını, bu təməlin əsasında Heydər Əliyev siyasəti və bu gün İlham Əliyevin həyata keçirdiyi siyasət dayandığını qeyd etmişik. Dünya iqtisadiyyatının çox ciddi imtahana çəkildiyi və bir sıra ölkələrin həmin imtahandan çıxmaqda çətinlik çəkdiyi indiki dövrdə Azərbaycan iqtisadiyyatı özünün davamlı inkişafını nümayiş etdirə bilirsə, mən hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının möhkəm təməl üzərində düzgün strategiyaya uyğun olaraq həm qərarlaşdığını, həm də inkişaf etdiyini təsdiq edir.
Bütün bunların hamısı ilə yanaşı, eyni zamanda, hörmətli hökumət üzvlərinin burada iştirak etdiklərindən faydalanaraq bəzi təkliflərimi də vermək istəyirəm. Milli Bankın sədri hörmətli Elman Rüstəmov bildirdi ki, 2009-cu ildə Azərbaycanda inflyasiya həddi 20 faiz olacaq. İnflyasiya həm vətəndaşların, həm də dövlətin büdcəsini yeyir. Mən hesab edirəm ki, 2009-cu ildə Azərbaycan hökumətinin ən əsas mübarizə meydanı inflyasiyanın cilovlanması olmalıdır. Yəqin ki, hökumət bu barədə düşünür və bir proqram hazırlasa, çox yaxşı olar. Çalışmaq lazımdır ki, ən uzağı 6 ay ərzində Azərbaycanda inflyasiyanı cilovlamaq, birrəqəmli həddə endirmək mümkün olsun. Sonra isə digər mərhələdə proqramlar həyata keçirilsin. Əgər Azərbaycan bu qədər kataklizmlərdən yan keçə bilibsə, bunun da öhdəsindən gələr.
Mən bir təklif də irəli sürmək istəyirəm. Gələcəkdə əgər hökumət üzvləri bunu dəyərli saysalar, istifadə edə bilərlər. Azərbaycanın investisiya siyasətində də dibberensiyanın, çoxşaxəliyinin tətbiq edilməsi üzərində düşünmək lazımdır. Neft qiymətləri düşür də, qalxır da. İqtisadiyyatın digər sahələrinə investisiyanın qoyulması, belə başa düşürəm ki, gələcək büdcələrdə yer tutmalıdır ki, Azərbaycanın milli iqtisadiyyatının qeyri-neft sahələri də sürətlə inkişaf etsin.
Nəhayət, sosial sahə ilə əlaqəli bir təklifi irəli sürmək istəyirəm. Azərbaycanda hörmətli Prezidentimizin bilavasitə təşəbbüsü və tapşırıqları ilə çox geniş vüsətlə sosial layihələr həyata keçirilir. Həyata keçirilən digər layihələr də həm iqtisadiyyatın, həm də sosial həyatın yaxşılaşdırılmasına, insanların həyatının keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bununla yanaşı, Azərbaycanda aztəminatlı və orta təminatdan aşağı olan insanların yaşayış ehtiyaclarının, mənzilə olan ehtiyaclarının ödənilməsi üçün dövlət büdcəsindən 10 illik proqram əsasında, hesab edirəm ki, 3 milyard vəsait ayrılması o qədər də çətin olmazdı. Onillik proqram əsasında mənzil tikintisi həyata keçirilsin və həmin mənzillər 25 il müddətinə mənzilə ehtiyacı olan insanlara verilsin. Həmin mənzillərin pulu 25 il müddətində hissə-hissə qaytarılsın. Müxtəlif ölkələrdə bu cür layihələr həyata keçirilir.
Mən hesab edirəm ki, bu layihənin həyata keçirilməsi həm mənzil probleminin həllinə ciddi kömək olar, həm də heç bir iqtisadi əsaslara söykənməyən yüksək qiymətli mənzillərin qiymətinin aşağı düşməsinə dəstək verə bilər. Mən hesab edirəm ki, dövlət büdcəsinin layihəsi dəyərli bir layihədir. Hörmətli millət vəkillərini onu dəstəkləməyə dəvət edirəm. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Abel müəllim, sualınız var idi?
A. Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Mən çıxışa yazılmaq istədim, ancaq gördüm ki, yazılanlar çoxdur. Dünən də iclasda iştirak etməmişəm. Ona görə bir-iki düşüncəmi suallar şəklində vermək istəyirəm. Ancaq sualdan öncə deputat həmkarlarımın fikrinə qoşuluram. Büdcənin təsdiq olunmasına səs verəcəyəm və qeyd etmək istəyirəm ki, əvvəlki illərdən dəfələrlə yaxşı bir layihə hazırlanıb və bu layihəni də geniş müzakirə etmək olar. Ancaq bu yaxınlardakı Prezident seçkilərində həm hökumət, həm Prezidentimiz, həm də bizim gələcək inkişafımız haqqında xalq öz sözünü dedi, yəni uğurlarımız böyükdür. Ancaq mənim iki sualım var. Təbii ki, bunlar təhsillə və elmlə bağlı suallardır.
Birinci, mən bu layihədə elm xərclərini görürəm. Burada göstərilib ki, Azərbaycanda elmin inkişafı üçün 2009-cu ildə 105,8 milyon manat vəsait ayrılıb. Əvvəlki illərdən fərqli olaraq bu vəsaitin daxilində 2 bənd Azərbaycanda bilavasitə elmin inkişaf istiqamətinə yönəldilib. Bu da elmin maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat ayrılıb. 10 milyon manat da Milli Elmlər Akademiyasında müvafiq elmi tədqiqat institutlarında laboratoriya və avadanlıqların alınmasına yönəldilib. Azərbaycanda bu gün elmlə məşğul olan insanların 65–70 faizi ali təhsil müəssisələrində, təxminən 35–40 faizi Azərbaycan Milli Elmlər Akademiyasının elmi tədqiqat institutlarında çalışır. Sual olunur: nə səbəbdən bu bənddə yazılmayıb ki, Azərbaycanda elmin stimullaşdırılması üçün nə qədər vəsait ayrılıb? Azərbaycanda müasir elmi tədqiqat laboratoriyasının yaradılması ilə bağlı Milli Elmlər Akademiyası ilə bərabər ali təhsil ocaqları niyə nəzərdən qaçırılıb?
Mən möhtərəm Prezidentimizin yaratdığı Elm komissiyasının üzvüyəm, təbii ki, biz orada bunu müzakirə edəcəyik. Ancaq Milli Məclisdən sənəd bu şəkildə gəlsə, təbii, komissiya heç nə edə bilməyəcək. Təklif edərdim ki, ali təhsil müəssisələrində elmi stimullaşdırmaq məqsədi ilə ayrılan vəsait haqqında bənddə müəyyən təshihlər aparılsa, yaxşı olardı. Bu, birinci sual. İkinci sualım belədir: ali təhsil müəssisələrinin, yəni universitetlərinin maliyyə vəsaitləri tələbələrin sayına görəmi müəyyənləşdirilir, yoxsa spesifikasına görə?
Sonda demək istəyirəm ki, büdcə layihəsi çox yüksək səviyyədə hazırlanıb. Mən deyərdim ki, büdcənin hazırlanması üçün Maliyyə Nazirliyi tərkibində böyük bir institut yaradılıbdır. Büdcə çox sadə dildə, nəzərəçarpan səviyyədə, analiz etməyə imkan verən səviyyədə hazırlanıb. Ona görə bunu hazırlayan yoldaşların hər birinə, hörmətli Samir müəllim başda olmaqla təşəkkürümü bildirirəm. Ancaq məni bir ziyalı, alim kimi düşündürən bu iki sualdır.
Sədrlik edən. Sizin suallarınız çıxış kimi səsləndi. Yəqin ki, Sizin çıxışınız bununla da bitdi? Astan Şahverdiyev, buyurun.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, Milli Məclis, hökumət üzvləri, xanımlar və cənablar! Məndən öncə çıxış edən və Azərbaycandakı iqtisadi situasiyanı düzgün qiymətləndirən insanların səsinə mən də səs verirəm. 2008-ci il ölkəmiz üçün çox önəmli bir il oldu. Prezident seçkilərin də yüksək seçici fəallığı nəticəsində Prezidentimiz İlham Əliyevin yenidən seçilməsi münasibəti ilə hamını təbrik edirəm.
Bu mənim Milli Məclisdə faktiki olaraq ilk çıxışımdır. Son 5 il ərzində ölkənin bir sıra problemləri həll olunub, yalnız bir problem qalmışdır, o da Qarabağ problemidir. Yaxın gələcəkdə, yəqin ki, həmin problem də həll olunacaqdır.
Bilirsiniz ki, bütün dünyanı qlobal enerji, bir də ərzaq təhlükəsizliyi maraqlandırır. Bu iki təhlükəsizlik Azərbaycanda tam təmin olunub. Hesab edirəm ki, müzakirənizə verilən büdcə layihəsi ölkənin uğurlu xarici və daxili siyasətinin iqtisadi təminatıdır. Bildiyiniz kimi, biz keçən ilin noyabrında Azərbaycan Respublikasının dövlət büdcəsini qəbul edərkən büdcə kəsiri təqribən 15 faiz həddində idi. Mən o vaxt buradakı çıxışımda arzu etdim ki, gələn il dövlət büdcəsi parlamentə kəsirsiz təqdim olunsun. 2008-ci il mayın 2-də büdcə dəyişikliklərindən sonra builki büdcəmizin gəlirləri 10 milyard 484 milyon manat həcmində təsdiq edildi. Bu gün bizə təqdim olunan 2009-cu il üçün dövlət büdcəsinin gəlirlər hissəsi isə 12 milyard 177 milyon manatdır, yəni əvvəlki illə müqayisədə 1 milyard 693 milyon manat çoxdur, yaxud faizlə hesablasaq 16,1 faiz çoxdur. Büdcə kəsiri isə 1,5 faiz təşkil edir, bu da praktik olaraq, büdcənin kəsirsiz olduğunu sübut edir. Bu il təhsilə rekord məbləğdə maliyyə vəsaiti, yəni 1 milyard 352 milyon 196 min 405 manat ayrılmışdır. Bu da ölkə müstəqillik qazanandan bəri hər hansı bir sahəyə ayrılan ən böyük məbləğdir. Müqayisə üçün deyə bilərəm ki, bu rəqəm 1 milyard 115 milyon manat təşkil edirdi. Bu da onu göstərir ki, hörmətli cənab Prezident təhsilə və təhsil işçilərinə diqqət və qayğı ilə yanaşır. Mən təhsil sahəsində çalışan bir insan kimi, bu diqqət və qayğı, etimada görə cənab Prezidentə təhsil işçiləri adından minnətdarlığımı bildirirəm.
Burada bir məsələni də qeyd etmək yerinə düşərdi. Bildiyiniz kimi, cənab Prezidentin xüsusi sərəncamı ilə ali məktəb müəllimlərinin əmək haqqı 50 faiz artırıldı. Amma əsl reallıq bundan ibarət deyildi. Reallıqda bu artım 50 faiz deyildi, çox-çox artıq idi. Bu gün ali məktəbdə çalışma stajını, elmi dərəcəni və sairi nəzərə alsaq, ilin əvvəlində kafedraların dosentləri 120–130 manat alırdılarsa, bu gün həmin məbləğ 400 manata bərabərdir. Əmək haqqı təxminən 3 dəfə artıb. Ali məktəb müəllimləri çox böyük məmnunluqla, dərin minnətdarlıqla Prezidentə öz hisslərini bildirirlər.
Burada təhsilimizin bəzi məqamlarına toxunuldu. Təhsil siyasəti dövlətin siyasətidir və həmin siyasət də cənab Prezidentin rəhbərliyi altında Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 2008-ci ildə Azərbaycan Respublikasında əvvəlki illərlə müqayisədə analoqu olmayan məsələ ortalığa çıxmışdı. 7 nəfər orta məktəb məzunu 700 bal toplamışdı. Əvvəlki illərdə belə hadisə baş verməmişdi. Bu da təhsilimizin keyfiyyətinin getdikcə artmasına dəlalət eləyir.
Səhiyyəyə də keçən illə müqayisədə çox maliyyə vəsaiti ayrılmışdır. Düzdür, səhiyyədə, ola bilsin ki, müəyyən probellər var. Ola bilsin ürək-damar xəstəliklərinin cərrahiyyəsi sahəsində respublikada zəiflik var, digər ölkələrdə bu daha geniş tətbiq edilir və sair. Yəqin, gələcəkdə bu probel də ortadan götürüləcək. Faiz hesabı ilə qeyd edə bilərik ki, səhiyyəyə 31,9 faiz artıq vəsait ayrılmışdır. Təmsil olunduğum məcburi köçkün rayonu da daxil olmaqla məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi üçün də 26,7 faiz artırılmışdır.
Mən hörmətli həmkarlarımın, hökumət üzvlərinin diqqətini iki məsələyə yönəltmək istəyirəm. İlk olaraq müdafiə sahəsi barədə danışmaq istərdim. Nə qədər ki ölkənin bir nömrəli problemi olan Qarabağ problemi öz həllini tapmayıb, bu sahənin xüsusi diqqət və qayğıya ehtiyacı var. Keçən il dəyişikliklərdən sonra müdafiə xərcləri 1 milyard 343 milyon manat təşkil edirdi, bu il isə həmin sahəyə 1 milyon 205 min manat vəsait ayrılmışdır ki, bu da keçənilkindən 138 milyon azdır. Bu da heç cür bizi razı sala bilməz. Mənə elə gəlir ki, biz digər sahələrdə qənaət etməklə müdafiə xərclərini artırmaq barədə ciddi düşünməliyik.
Mənim burada qaldırdığım ikinci məsələ sosial müdafiə ilə bağlıdır. Fikirlərimi Sosial Müdafiə Fondunun smetasının müzakirəsində söyləyəcəyəm. Ümumilikdə, mükəmməl bir qanun layihəsidir, həqiqətən, burada həmkarlarımın dedikləri kimi, bizə təqdim olunan büdcə layihəsi metodoloji cəhətdən düzgün tərtib olunub. Yəni burada tək mətn hissəsindən söhbət getmir, müxtəlif qrafiklərdə, şəkillərdə və cədvəllərdə ayrılan vəsaitlər öz əksini tapmışdır.
Mən burada Abel müəllimin qaldırdığı məsələyə toxunmaq istəyirəm. Büdcə layihəsində laboratoriya avadanlıqlarının alınması xərcləri 10 milyon manat göstərilir. Abel müəllimin göstərdiyi kimi, elmi işçilərin, ali məktəblərdə, akademiya sistemində işləyənlərin sayına görə 10 milyon manat azdır. Abel müəllim, mən bilirəm ki, Siz Bakı Dövlət Universitetinin vəsaiti hesabına təkcə bir qurğunu 2 milyon manata almısınız. Bu sahə üçün 10 milyon manat heç nədir. Demək olar ki, heç nə alınmayacaq. Bu məsələni hörmətli Samir müəllimin diqqətinə çatdırmaq istəyirəm. Hörmətli həmkarlarımı da bu qanun layihəsini dəstəkləməyə dəvət edirəm. Sonda hörmətli Artur Rasizadəni Baş nazir təyin edilməsi, eyni zamanda, nazirləri də yeni təyinatları münasibəti ilə təbrik edir, hər birinə işlərində uğurlar arzulayıram. Çox sağ olun, diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. Fazil Mustafayev buyursun.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Büdcə layihəsinin müzakirəsi çox ciddi bir prosedurdur və hesab edirəm ki, bu gün müzakirələrdə çox dəyərli təkliflər səslənir. Tez-tez büdcənin neftdən asılılığı məsələsi ciddi şəkildə qabardılır. Mən də bu fikirlə razıyam ki, biz neft ölkəsiyik və büdcənin də neftdən asılılığı məsələsi aktual olmalıdır və buna xüsusi bir irad bildirmək də mümkün deyil. Amma mənə elə gəlir ki, burada iradlar daha çox Dövlət Neft Fondundan büdcəyə transfertlərin səviyyəsinin ildən-ilə artması ilə bağlıdır. Əgər diqqət eləyirsinizsə, büdcə gəlirinin az qala qeyri-vergi gəlirləri, o cümlədən 41 faizinin Dövlət Neft Fondundan köçürmələr hesabına formalaşması gələn il də artan templə davam edir. Dövlət Neft Fondunun gəlirlərinin 65 faizinin dövlət büdcəsinə köçürülməsi bir qədər təhlükəli vəziyyətdən xəbər verir. Odur ki, artıq bu fondun mahiyyəti sual altında qalır. Bu fond niyə yaradılmışdır? Təbii ki, hər şeyi gələcək nəsillərə saxlamaq da doğru dəlil deyil. Amma biz daha çox qeyri-neft sektorunun inkişafından söhbət eləyiriksə, bu sahələrə əgər fikir verdiyimizi daha çox diqqətə gətiririksə, onda bu meylin azaltma yolunu tutmalıyıq.
Mən də hesab eləyirəm ki, burada regionlar haqqında deyilənlər haqlı sayılmalıdır. Regionlara verilən dotasiyalar artır, Bakıdan başqa heç bir region öz gəlirləri ilə xərcləri arasında balansı həll edə bilmirsə, normal şəkildə inkişaf edə bilmirsə, bu, regionların inkişafını şübhə altına alır.
İşsizliklə bağlı məsələlər tez-tez qabardılır. Amma faktlar göstərir ki, bizdə iş yerlərinin sayının artırılmasına baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda duranların sayı 700 min göstərilirsə, burada kölgə iqtisadiyyatının önə çıxmasına şübhə artır və ya rəsmiləşdirmə işinin düzgün aparılmadığı daha çox diqqəti cəlb edir. Hesab edirəm ki, büdcədə bu məsələlərə diqqət yetirilməlidir.
Bəzən büdcə ilə bağlı iradlar bildiriləndə elə fikir yaranır ki, bu, istəməməzlikdən irəli gəlir. Büdcənin yuxarı həddə göstərilməsindən narazılıqdan irəli gələn iradlar səslənir. Mən büdcə sənədlərinin ikinci cildinə baxanda bir meyli gördüm. Burada qeyd olunur ki, ABŞ, Çin, Yaponiya kimi ölkələrdə real artım templərinin aşağı düşməsi artıq faktdır. 2 faiz, 3 faiz, 4 faiz kimi rəqəmlər göstərilir. Amma Azərbaycanla bağlı hissələrdə bütün məsələlərdə ancaq “artmışdır” sözü işlədilir, “azalmışdır” sözü işlədilmir. Bu da ondan irəli gəlir ki, bizdə büdcə daha çox ideoloji mahiyyət daşıyır. Siyasi xarakterli sənəddir. Büdcə, əslində, iqtisadi xarakterli sənəd olmalıdır. Bu sənəddə də hansısa sahədə böhran, tənəzzül və ya inkişaf olduğunu göstərməkdən çəkinmək lazım deyil. Bu büdcə daha təmkinli büdcə kimi diqqəti cəlb edir. İdeoloji terminlərdən, şişirtmələrdən uzaqdır, bir az təriflər var. Daha çox iqtisadi xarakterli sənədə yaxınlaşmaq meyli hiss olunur. Mən hesab eləyirəm ki, gələcək illərdə də bu meyli inkişaf etdirmək lazımdır.
Burada ayrı-ayrı sahələrə vəsaitin azlığından söhbət edildi. Mən durub desəm ki, təhsilə, səhiyyəyə, yol tikintisinə, təmirə, başqa məsələlərə ikiqat vəsait ayırın, bu, məsələnin yenə də həlli demək deyil. Birinci növbədə, büdcə layihəsi müzakirə olunmazdan öncə Dövlət maliyyə nəzarəti haqqında qanun layihəsi müzakirə edilib, qəbul olunmalıdır. Vəsaitin necə xərclənməsindən söhbət gedir. Hər bir sahəyə vəsait ayıra bilərsən, amma faktik olaraq elə bir korrupsiya yaradıla bilər ki, vəsait gedib aşağılara qədər çıxmaz. Məsələn, sahibkarlara kreditlər ayrılır. Bəs kənd təsərrüfatı sahəsinə 10 milyon kredit ayrılır. 10 milyonun fermerə gedib çatması çox çətindir. Ona görə də biz bu sahələrə kreditləri daha çox artırmalıyıq. Vəsait birbaşa fermerin özünə çatdırılmalıdır. Bu vəsait niyə 20 milyon olmasın? Niyə artırılmasın? Biz asfaltların altında itirdiyimiz milyonları konkret insana ayırmaqla daha çox gəlir götürə bilərik.
Siz fikir verin. Yaxşıdır, bizdə 4 milyona başa gələn bayraq abidəsi qoyulur. Zaqatalada, Lənkəranda hava limanı tikildi. Gözəl görünür, amma bu hava limanından uçan təyyarədə Bakıya gələn yoxdur, 5–10 nəfər gəlir. Əvvəl əhalini varlandıraq, əhalinin təyyarə bileti almağa pulu olsun, ondan sonra bu problemi həll eləyək. Məsələn, mən yenə hesab eləyirəm ki, insan yönümlü vəsaiti artırmaq lazımdır. Naxçıvandan Bakıya gələn və ya Bakıdan Naxçıvana gedən təyyarənin biletinin qiyməti elədir ki, yoxsul əhali bu biletlərdən istifadə eləyə bilmir. Niyə heç olmasa, ildə bir dəfə xəstələr üçün aşağı qiymətlə bilet alıb, Bakıya gəlmək şansı verməyək? Yaxud da müəyyən problemini həll etmək üçün əhali gəlib-gedə bilsin.
Burada dövlət borclarından danışıldı. Çox maraqlı bir meyil var. Bizdə, təbii ki, dövlət borcunun 7,2 faiz olması böyük bir təhlükədən xəbər vermir. Bu il biz dövlət borcuna görə 195 milyon manat vəsait qaytarmalıyıq. Büdcədə də bu, nəzərdə tutulubdur. Amma Qazaxıstanın bir nümunəsi var. Bu ilin yayında biz ötən il Astana şəhərində olanda müşahidə elədik ki, orada infrastruktur layihələrinin çoxu dayanıbdır, çünki dövlət borcunun səviyyəsi artıq 100 milyardı, ümumi daxili məhsulu ötüb. Azərbaycanda kim zəmanət verir ki, bu borc gələcəkdə ümumi daxili məhsuldan artıq olmayacaqdır? Dövlət borcu hansı sahələrə yönəldilir? Məsələn, suvarılan torpaqların 47 faizi şoranlaşıbdır. Şoranlığın qarşısını almaq üçün bu pul yönəldilsə, bəlkə gələcəkdə daha böyük məhsul götürmək imkanı əldə edə bilərik. Bu borcun 500 milyondan artığı nəqliyyat sektoruna yönəldilir. Axı, büdcədən onsuz da biz kifayət qədər bu sahəyə vəsait yönəltmişik. Həmin vəsaiti bu qədər artırmaqla, əslində, qeyri-real, daha çox dağıdılan, israf olunan sahələrə yönəltməklə biz çox ciddi problemlərlə qarşılaşırıq.
Mən deputat həmkarımın fikri ilə razıyam ki, vergidə “vahid pəncərə” prinsipi tətbiq olunsun, uğurlu prinsipdir. Bu prinsip indi sərhəddə də tətbiq olunur. Bütün sahələrdə “vahid pəncərə” sistemi tətbiq olunmalıdır ki, bürokratik əngəllər ortadan qaldırılsın. Əks halda biz vətəndaşın bürokratiyadan asılılığını daha da artırmış olacağıq.
Bir məsələyə də diqqət yetirmək istəyirəm. Burada qeyd olundu ki, 1 milyard manatdan artıq pul Rusiyadan rəsmi şəkildə Azərbaycana yönəldilir və bu da regionların, əslində, saxlanılmasında böyük rol oynayır. Mən hesab eləyirəm ki, əslində, regionların ayaq üstə olmasının əsas səbəbi qeyri-rəsmi formada köçürülən 1 milyarddan da artıq pullardır. Biz regionların inkişafını nəzərdə tuturuqsa, birinci növbədə kənd təsərrüfatının inkişafı üçün ciddi fəaliyyət proqramı həyata keçirməliyik. Baxın, fermerlərə birbaşa yardım üçün 77 milyon manat vəsait nəzərdə tutulur. Bu 77 milyon manat bütövlükdə fermerlərin fəaliyyət göstərməsinə imkan vermir. Təsəvvür edin, 40 min fermer təsərrüfatından cəmi 20 faizi real fəaliyyət göstərir. Əgər 20 faizi real fəaliyyət göstərirsə, bunun mütləq maddi-texniki bazasını artırmaq lazımdır. “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaradıldı ki, fermerlər lizinq vasitəsi ilə texnika, maşın, avadanlıqla təmin olunsunlar. Amma diqqət eləsəniz, görərsiniz ki, hələ də kənd təsərrüfatı maşınlarının detallarının alınması problemdir. Təsərrüfatla məşğul olan fermer onu almaq üçün aylarla gözləməlidir. Ona görə də, məncə, bu istiqamətdə vəsait daha çox xərclənməlidir. Emal sənayesinə xərclənməlidir ki, ərzaq təhlükəsizliyi problemləri ilə biz üz-üzə qalmayaq.
Mən düşünürəm ki, büdcə məsələsi təkcə bu sahələrlə yekunlaşmamalıdır. Burada partiyaların maliyyələşdirilməsi məsələsi də qeyd olundu. Mən hörmətli maliyyə nazirindən də xahiş eləyirəm ki, bu imkana baxılsın. Artıq bu partiyalara yad bir element kimi baxmaq lazım deyil. Partiyalara vəsait ayrılsın və bu vəsait ayrılandan sonra da biz, aparıcı Yeni Azərbaycan Partiyası və digər müxalifət partiyaları da yığışıb bir qanun qəbul eləyək və həmin problemi birdəfəlik həll eləyək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli hökumət üzvləri və hörmətli millət vəkilləri! Müzakirəmizə təqdim olunan büdcə layihəsi mükəmməl hazırlanmış və şəffaflığı ilə seçilən bir sənəddir. Mən də bu layihə ilə tanış olmuşam və sənədlə bağlı bir sıra irad və təkliflərimi nəzərinizə çatdırmaq istəyirəm.
Məni narahat edən məsələlərdən biri vətəndaşlarımızın sovet dövründə banklara qoyduqları əmanətlərin taleyi ilə bağlıdır. Son vaxtlar böyük əksəriyyət bu pulları “batan əmanətlər” adlandırır. Amma həmin pulların alınması ilə bağlı ümidlər tükənməyib və seçicilərin, demək olar ki, bütün millət vəkillərinə etdikləri müraciətlərin xeyli hissəsi bu pulların nə vaxt qaytarılacağı ilə bağlıdır. Bilirsiniz ki, həmin əmanətlərin sahiblərinin böyük əksəriyyəti yaşı 65–70-i ötmüş insanlardırlar və bu proses ləngidikcə onların öz pullarını almaq imkanları da tükənir. Ötən dəfə komissiyaların iştirakı ilə büdcənin müzakirəsi zamanı deputatların bu məsələ ilə bağlı suallarını cavablandırarkən, hörmətli maliyyə naziri Samir Şərifov bildirdi ki, hökumət bu məsələ ilə bağlı Milli Məclisdə yaradılmış işçi qrupundan təkliflər gözləyir və həmin təkliflərdən sonra məsələyə baxılacaq. Hörmətli Sədr, əgər əmanətlərin qaytarılması parlamentdəki işçi qrupunun verəcəyi təkliflərdən asılıdırsa, mən xahiş eləyirəm, bu məsələni mümkün qədər sürətləndirək.
Büdcə layihəsində kütləvi informasiya vasitələrinə vəsaitin ayrılması, təbii, çox müsbət hadisədir, amma mən də hesab eləyirəm ki, ayrılan məbləğ artırılmalıdır, çünki ölkədə media, xüsusən də yazılı mətbuat ən problemli sahələrdən biridir və dövlətin dəstəyinə ciddi ehtiyacı var. Eyni zamanda, jurnalistlərin mənzil probleminin həlli ilə bağlı deputat həmkarım Qüdrət Həsənquliyevin təklifini mən də dəstəkləyirəm. Özüm də jurnalist olduğum üçün, jurnalistlərin hansı maddi problemlərlə, ağır şərtlər altında, illərlə kirayələrdə yaşadıqlarını bilirəm. Bina tikintisi üçün onlara torpaq sahəsinin ayrılmasını hökumətin müvafiq strukturlarından xahiş eləyirəm. Bu insanların aldıqları maaş da çox cüzidir və onların ipoteka şərtləri ilə ev almaq imkanları məhduddur.
Fürsətdən istifadə eləyib, təmsil etdiyim Tərtər rayonunun bəzi problemlərini qeyd eləmək istəyirəm. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrimizdə böyük abadlıq işləri görülür və təbii, mən bunu alqışlayıram. Son 3–5 ildə ucqar rayonlarımızın siması təsəvvürolunmaz dərəcədə dəyişib, gözəlləşib. Amma təəssüf ki, bir sıra problemlər qalmaqdadır. Mən bu sıraya su və yol məsələlərini aid eləmək istəyirəm. Bilirsiniz ki, Tərtər ön cəbhədə, düşmənlə həmsərhəd bir bölgədə yerləşir və buradakı sərhəd kəndlərinin əksəriyyəti Tərtər çayının suyundan istifadə edir. Çayın mənbəyi isə düşmən tərəfdə olduğu üçün buraya məişət tullantıları, çox vaxtlar isə zəhərli maddələr axıdılır. Bu isə həmin sudan istifadə eləyən insanların həyatı üçün təhlükəlidir. Mən həmin kəndlərin su probleminin həllinin büdcə layihəsinə salınmasını təklif edirəm.
Digər problem isə yol problemidir. Təsəvvür edin ki, Bakı şəhərindən Tərtər rayonuna getmək daha rahatdır, nəinki rayon mərkəzindən kəndlərə getmək. Yollar o dərəcədə bərbaddır ki, 10–15 dəqiqəlik yolu 50–55 dəqiqəyə gedib çatmaq olmur. Bu məsələnin də müsbət həllini hörmətli nəqliyyat nazirindən xahiş edirəm.
Hörmətli Sədr, hər bir ölkənin inkişafında təhsilin rolu danılmazdır. İnkişaf eləmiş ölkələrin zənginliyini insan kapitalının təbii kapitalı üstələməsi təşkil edir. İnsan kapitalının inkişafı təhsil və səhiyyəyə dövlət xərclərinin strukturundan asılıdır. Bu səbəbdən ayrılan vəsaitə uyğun düzgün təhsil siyasətinin aparılması çox əhəmiyyətlidir. Büdcə zərfinə fikir verəndə görürük ki, təhsilə ayrılan vəsait ilbəil artır. Bütün bunların müqabilində bir sıra islahatlar da həyata keçirilib və biz, təbii, bunu alqışlayırıq. Amma bir sıra problemlər də qalmaqda davam edir.
Son illərdə həm paytaxtda, həm də bölgələrdə 1600 yeni məktəbin tikintisi və əsaslı təmiri çox müsbət bir hadisədir, təhsilin səviyyəsinə, keyfiyyətinə təsir göstərən bir amildir. Amma məni maraqlandıran məsələ budur ki, bu işin görülməsində, həyata keçirilməsində bəzi ayrı-seçkilik də mövcuddur. Məsələn, mən az qala hər gün televiziyaların xəbərlər proqramlarında şahidi oluram ki, rayonlarımızda bəzən bir ildə 10–15, 20–25 məktəb ya yenidən tikilir və yaxud da əsaslı təmir olunur. Amma bəzi rayonlar hələ də gözləməyə məhkum ediliblər. Belə rayonlardan biri mənim təmsil etdiyim Tərtər rayonudur ki, 2006-cı ildə Heydər Əliyev Fondunun xətti ilə əsaslı təmir olunan 2 məktəbdən başqa burada heç bir məktəb nə təmir olunub, nə də tikilib. Mən çox xahiş eləyərdim ki, növbəti ilin büdcə sənədinə bizim rayonun problemləri də daxil edilsin.
Büdcə zərfinin ikinci kitabında təhsil sahəsində qarşıya qoyulan məqsədlər bölümündə yoxsul əhalinin təhsil almaq imkanlarının genişləndirilməsi və məktəbəqədər təhsil sahəsində islahatların sürətləndirilməsi təhsil sahəsində qarşıya qoyulan məqsədlər kimi göstərilir. Mən Təhsil Nazirliyindən öyrənmək istəyərdim, ümumiyyətlə, indiyə qədər yoxsul əhalinin təhsil almaq imkanlarının genişləndirilməsi üçün hansı işlər görülüb? Bilirik ki, əhalinin yoxsul təbəqəsinin istedadlı uşaqlarının elitar məktəblərdə təhsil alması üçün kvota ayrılmır və onların ödənişli ali təhsilinə heç bir güzəşt olunmur. Əgər məktəbəqədər və ibtidai təhsilə ayrılan vəsait təhsilə ayrılan ümumi vəsaitin cəmi 6,5 faizini təşkil edirsə, bununla hansı islahatlar aparmaq mümkündür? Nəzərə almaq lazımdır ki, dövlət ali məktəblərində təhsil alan tələbələrin 50 faizindən çoxu ödənişli əsaslarla təhsil alırlar. Azərbaycan təhsil sistemi Boloniya bəyannaməsinə qoşulub. Bu bəyannamayə görə, təhsilin iki pilləsini elmi istiqamət, magistratura və doktorantura təşkil edir. Bunu nəzərə alıb, elmi tədqiqatlara ayrılan vəsaitin ayrıca göstərilməsini təklif edirəm.
Elmə ayrılan vəsaitə gəldikdə isə qeyd eləmək istəyirəm ki, dünyada elmi tədqiq edən bibliometrik metoda diqqət etsək, hansı vəziyyətdə olduğumuzu görə bilərik. Son 5 ilin nəticələrinə görə, dünya elmi korpusunun 166 ölkədən 3,5 milyon elmi iş təşkil edib. Bu siyahıda birinci yeri 1 milyon 260 min elmi işlə aktivlik indeksinə görə, Amerika Birləşmiş Ştatları tutur. Azərbaycan elmi tədqiqatların aktivlik indeksinə görə, axırıncı yerlərdən birini tutur. Buraya hər 1000 nəfərə düşən elmi işlərin sayı da daxildir. Bu göstərici ölkəmiz üçün 0,1 rəqəmi ilə xarakterizə olunur. Təbiət elmləri sarıdan vəziyyət, ümumiyyətlə, acınacaqlıdır. 2009-cu ilin büdcəsində elmə ayrılan vəsaitlə heç bir inkişafa, mən hesab eləyirəm ki, nail olmaq mümkün deyil. Təklif edirəm ki, elmi işçilərin əmək haqqının yüksəldilməsi ilə yanaşı, alimlərin iş şəraitinin yaxşılaşdırılmasına da diqqət yetirməliyik, bundan əlavə, elmi tədqiqat institutları qrant layihələrinə də cəlb olunmalıdır. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən büdcə zərfinin müzakirəsinə keçməmişdən öncə buradakı çıxışlarda səslənən bəzi fikirlərə münasibətimi bildirmək istərdim, çünki bunun da dolayısı ilə məsələyə aidiyyəti var. Təəssüflər olsun ki, burada olan millət vəkillərimizin bir çoxu özlərini millət vəkili kimi yox, hökumət üzvü kimi aparır və bu cür çıxışlar edirlər. Daha çox xalqın mənafeyindən yox, mənsub olduqları partiyanın mənafeyindən çıxış edirlər. Burada YAP-ın icra katibi Əli Əhmədov guya Müsavat deputat qrupunun üzvü İltizam bəyə cavab verirmiş kimi “neftimiz olduğuna görə utanmalıyıqmı?” sualını ünvanladı. Yox, neftimiz olduğuna görə utanmalı deyilik. Gələcək nəsillərin payı olan həmin neftə əl uzatdığımıza, dağıtdığımıza görə, toxunulmaz olan fondu bu gün payladığımıza görə utanmaq lazımdır.
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov burada partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı gözəl bir məsələ qaldırdı. Çox yaxşı təşəbbüsdür. Amma bunun axıra qədər normal olacağına şübhəm var idi. Təəssüf ki, doğru oldu. Burada Siyavuş Novruzov bir deputat kimi yox, daha çox şahid kimi danışır. Fikir verin. Bayaq televiziyada da onun çıxışından sitat verirlər. Siyasi partiyalar ayrı-ayrı səfirliklərin, beynəlxalq təşkilatların qapısını kəsdirirlər. Onlardan pul alırlar və beləliklə də, onlara işləyirlər. Ondansa, qoy Maliyyə Nazirliyinin qapısını kəsdirsinlər. Bu qapı kəsdirmək çox pis əlamətdir. Bu vərdişi tərgitmək lazımdır. Millət vəkili və ya siyasi partiya heç kəsin qapısını kəsdirməməlidir. Dövlətin büdcəsi də heç kəsin baba payı deyil, kimə istədi, bir çömçə versin. Hamının büdcəsidir və hamıya eyni qaydada çatmalıdır. Bu düşüncə ilə Azərbaycanda normal demokratik hüquqi dövlət qurmaq, çox təəssüf ki, müşkül və mümkünsüz görünür.
İndi isə indiki və gələcək büdcə ilə bağlı rəqəmlərlə bir sıra təhlillərimi sizin diqqətinizə çatdırmaq istəyirəm. Hörmətli millət vəkilləri, 2008-ci ildə Azərbaycanda büdcə xərclərini əgər biz şərti olaraq 100 manat göstərsək, deməli, bu büdcənin cəmisi 2 qəpiyi ekologiyaya, 4 manat 12 qəpiyi səhiyyəyə, 19 manat 94 qəpiyi təhsilə, 9 manat 18 qəpiyi sosial müdafiə və təminata, 5 manat 50 qəpiyi məhkəmə hakimiyyətinə, hüquq mühafizə və prokurorluğa, 3 manat 14 qəpiyi isə kənd təsərrüfatına xərclənir. Mən bunları şərti deyirəm. Amma bunun müqabilində tikintiyə isə 38 manat 10 qəpik xərclənir. Budurmu ədalətli büdcə, vəsait bölgüsü? Nədən məhkəməyə, hüquq mühafizə, prokurorluq orqanlarına əliaçıqlıq edildiyi halda, kənd təsərrüfatına bu əliaçıqlıq edilmir? Məgər infrastruktur tikintisi vüsət aldığı və baş şəhəri başdan-başa toz-torpaq içində olan ölkədə ekologiyaya və sağlamlığa belə münasibət göstərərlərmi? Elə buna görə də Bakını dünyanın ən çirkli şəhəri elan etdilər. Yaxud elmsiz təhsil inkişaf edə bilərmi? Əgər təhsilə yaxşı pul ayırırıqsa, bu yaxşı haldır. Bəs onda elmə niyə belə biganə münasibət var? Məgər elmimizin bir körpü tikintisi qədər iqtisadiyyata və cəmiyyətə töhfəsi yoxdurmu ki, ona normal məbləğdə vəsait ayrılsın? Dünyada heç bir özünə hörmət edən ölkə elmə büdcə xərclərinin 1 faizindən aşağı xərc ayırmır.
Digər tərəfdən, 2757 bələdiyyəyə ayrılan dotasiya yenə də ötən illərdə olduğu kimi saxlanılıb. Ölkədə ildən-ilə inflyasiya artsa da, ötən ilin noyabr ayında bələdiyyələrin əsas gəlir mənbəyi olan torpaq satışı dayandırılsa da, yenə də bütün bələdiyyələrə ayrılan dotasiya əvvəlki həcmdə saxlanılıb. Amma “Büdcə sistemi haqqında” Qanunun 32-ci maddəsində göstərilir ki, icra hakimiyyətinin qəbul etdiyi qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması baş verdikdə, uyğun azalma məbləği bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.
Hörmətli hökumət üzvləri, qeyd edirsiniz ki, 2009-cu ildə büdcə gəlirləri əvvəlki illə müqayisədə 16,1 faiz, xərcləri isə 11,7 faiz artacaq. Bəri başdan qeyd edim ki, 2009-cu ilin büdcə gəlirlərinin mühüm mənbələrindən biri də bu il müşahidə olunan və növbəti ildə gözlənilən yüksək inflyasiya tempidir. Nəzərə alaq ki, növbəti il üçün artan gəlirlərin iki əsas mənbəyindən biri əlavə dəyər vergisidir. Onda buna heç bir şübhə qalmır, çünki əlavə dəyər vergisi də istehlak vergisi olaraq qiymətlərin bahalaşması hesabına çoxalır. Deməli, əslində, real olaraq büdcə gəlirləri artmır, əksinə, əvvəlki illə müqayisədə azalır. Çünki növbəti il üçün inflyasiya proqnozlarını nəzərə alanda gəlirlərin real artım tempi 16,1 faiz deyil, əslində, 7–8 faiz təşkil edir. Bu isə iqtisadiyyatında 18 faiz artım gözlənilən bir ölkə üçün gülüncdür.
Diqqətinizi başqa bir məsələyə yönəltmək istərdim. Növbəti ilin büdcə gəlirlərində yerli gəlirlərin payı 4 faizdən də aşağıdır. Bu nə deməkdir? Hanı inkişaf edən regionların büdcədə payı? Yerini göstərin, hörmətli hökumət üzvləri. Hamısı 4 faizin içindədirmi? Növbəti il üçün proqnozlaşdırılan büdcə xərclərində yerli xərclərin payı 10 faizdən bir az çoxdur. Bu isə o deməkdir ki, büdcənin xərc səlahiyyətləri həmişə olduğu kimi, yenə də kiçik bir qrup mərkəzi hakimiyyət orqanlarının əlində cəmlənəcək. Bu isə vəsaitlərin xərclənməsində qapalı dairədə sərəncam verməyə xidmət edən büdcə inhisarçılığıdır. Rəqəmlərin müqayisəsi sübut edir ki, ildən-ilə büdcənin sosial çəkisi azalıb, əvəzində investisiya tutumu artır.
Əgər 2003-cü ildə büdcənin sosial blokunu təşkil edən 4 sahə: təhsil, sosial müdafiə və təminat, səhiyyə, mədəniyyət və incəsənət sahələri üzrə xərclərin hamısını birlikdə büdcə xərclərində payı 43 faiz təşkil edirsə, növbəti ilin proqnozlarına görə, həmin göstərici 27,85 faizə enib. Xahiş edirəm ki, bu rəqəmlərə diqqət edin və verdiyimiz suallara da hökumət üzvlərindən cavab istəyirik. Lakin həmin müddətdə büdcədə inflyasiya yönümlü xərclərin xüsusi çəkisi 7,9 faizdən 38,1 faizə çatıb. Göründüyü kimi, büdcənin sosial istiqamətini təşkil edən 4 iri sahəyə ayrılan vəsaitlərin məcmusu investisiya xərclərindən xeyli azdır. Bu nə deməkdir? Hamıya gün kimi aydın olsa da, istəyirsiniz, bunun da izahını verim. Bu o deməkdir ki, ölkəni, konkret olaraq hökuməti tikinti mafiyası idarə edir. Büdcə layihəsindən bu görsənir. Hər il qeyd etsək də, yenə də təkrarlamaq zorundayıq. 2009-cu ilin büdcəsində 4 böyük xərc istiqamətinin əsas bölmələri aid edilməyən xərclərin: tikinti, müdafiə, məhkəmə və hüquq mühafizə xərclərinin nə paraqraflar səviyyəsində bölgüsü verilib, nə də iqtisadi təsnifatı təqdim olunub. 2009-cu ildə həmin xərclərin büdcədə ümumi payı 50 faizi ötür. Bu isə o deməkdir ki, büdcənin yarısı Milli Məclisdən, cəmiyyətdən gizli saxlanılır.
Hörmətli millət vəkilləri, biz bilmirik ki, bunu haraya, necə və kim xərcləyəcək? Halbuki 2007-ci ilin dövlət büdcəsinin təsdiqi ilə bağlı Prezident fərmanında 2009-cu il maliyyə ilində büdcə xərclərinin proqram təminatına keçid nəzərdə tutulsa da, gözlənildiyinin əksinə olaraq yenə də büdcə proqram təsnifatı üzrə açıqlanmır. Nəzərə alsaq ki, bütün bunlar büdcə vəsaitlərinin xərclənməsi zamanı korrupsiyanın miqyasını genişləndirmək şansını artırır, onda proqram təminatına marağın olmamasının nədən qaynaqlandığını izah etməyə ehtiyac qalmır.
Hər zaman yekunda büdcənin oxşar cəhətlərini demişik. Gələn il üçün nəzərdə tutulan büdcənin də oxşar cəhətlərini axtardıq. Bütün bu söylədiyimiz rəqəmləri oxşar olan rəqəmlərlə müqayisə etdik və gəldiyimiz nəticə bundan ibarətdir. Büdcəmiz getdikcə Venesuelanın, İranın və Səudiyyə Ərəbistanının büdcəsinə oxşayır. Bundan əvvəl başqa ölkələrə oxşatmışdıq, çünki elə oxşayırdı. Növbəti ilin büdcə gəlirlərinin 40 faizindən çoxunu Dövlət Neft Fondundan köçürmələr təşkil edir. Yerdə qalan gəlirlərin yarıdan çoxu isə yerli və xarici neft şirkətlərinin ödəmələrindən formalaşır. Beləliklə də, büdcə gəlirlərində neft sektorundan birbaşa daxilolmaların payı 70 faizi ötür. Bunun müqabilində büdcə xərclərinin yarıdan çoxu da qapalıdır. Bu yenə də onu deməyə əsas verir ki, büdcədən neft iyi gəlir. Özü də neftin rəngi qaraya çalır. Odur ki, mən təklif edirəm, büdcə geriyə qaytarılsın və yenidən işlənilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli çıxışa başlayanda dedi ki, çıxış edən deputatlar partiya mənsubiyyəti mövqeyindən çıxış etdilər. Deyəsən, Siz partiya mənsubiyyəti mövqeyindən çıxış etmədiniz. Burada millət vəkilləri çıxış edirlər, ona görə buraya mənsubiyyəti qatmaq lazım deyil. Sizin çıxış etdiyiniz mənsubiyyət göz qabağındadır. Büdcədə bir müsbət cəhət görmədiniz? Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri və media nümayəndələri! Müzakirə edilən məsələlər barədə aşağıdakı mülahizə və təkliflərimizi nəzərinizə çatdırıram.
Birinci, hazırkı dövrdə və 2009-cu ilin büdcə ilində makroiqtisadi mühit barədə. Azərbaycan iqtisadiyyat və sosial sferada sıçrayışlı artım mərhələsindən artım sürətlərinin sıçrayışlı eniş mərhələsinə daxil olmuşdur. Əgər əsaslı tədbirlər görülməzsə, bu, iqtisadi və sosial həyatın mövcud olan qazanılmış səviyyəsindən sürətlə enişə keçəcəkdir. Bütün makroiqtisadi göstəricilər üzrə 2006 və 2012-ci illərin proqnoz göstəriciləri dediklərimi göstərir. Bu göstəricilər üzrə artım sürəti bu müddət ərzində 6–7 dəfə aşağı düşür.
İkinci. Ümumdünya maliyyə və iqtisadi böhranın Azərbaycandan yan keçməsi, Azərbaycana təsir etməməsi və ya az təsir edəcəyi haqqındakı iddialar həqiqətə uyğun deyildir. Üstəlik, bunun Azərbaycan hökumətinin müdrik siyasəti ilə izah edilməsi mənfi mənada biz şərqlilərə məxsus təkəbbürün və bir qədər də cahilliyin nümunəsi olub ancaq gülüş doğura bilər. İnkişaf etmiş ölkələrdə bu böhran maliyyə böhranı kimi qiymətli kağızlar fond bazarında yaranmışdır və oradan da real sektora keçməyə başlamışdır. Azərbaycanda fond, qiymətli kağızlar bazarı zəif inkişaf etdiyinə görə isə bu böhran birbaşa real sektorda müşahidə edilir. Nümunə olaraq, ölkənin ən iri sənaye müəssisələrindən polad kompaniyası bağlanmışdır. Dərin özüllər zavodunun işçiləri 3 dəfə ixtisar edilir. Ölkədəki şirə zavodlarının əksəriyyəti bağlanmışdır, yarımfabrikat buraxaraq qismən işləyir. Ən iri kənd təsərrüfatı müəssisəsi olan broylerin üçdən ikisi bağlanmışdır. Mənzil tikintisi 6 dəfə azalmışdır və müvafiq olaraq bu sahədə çalışanlar işsizlər ordusuna verilmişdir. Həmin sayda tikinti firmaları bağlanmışdır.
Daşınmaz əmlak bazarında həyəcanlı bir durğunluq vardır. Xidmət və ticarət sahəsində də bu durğunluq müşahidə olunur. Odur ki, inkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda, ola bilsin, dövlət yardımı maliyyə institutlarına yox, real sektora yönəldilməli və bunun düzgün mexanizmi işlənilib həyata keçirilməlidir. Təklif edirəm ki, büdcədə Azərbaycanda real sektorun ciddi şəkildə dövlət tərəfindən müdafiəsi istiqamətində maliyyə resursları nəzərdə tutulsun.
Bu istiqamətdə üçüncü təklifim ondan ibarətdir ki, real sektorun müdafiəsi baxımından ölkədə sırf ixrac məsələləri ilə məşğul olacaq xüsusi dövlət kampaniyası yaradılmalı və onun maliyyə mənbələri də büdcədə nəzərdə tutulmalıdır.
Dördüncü, fikrimcə, Azərbaycanda inflyasiya 20 faiz deyil. İnflyasiya iqtisadi inkişafın nəticəsi olmayıb, böhran əlaməti daşıyır. Bunu yalnız dünyada ərzaq qiymətlərinin və xammalın kəskin bahalaşması ilə izah edənlər xarici ərzaq və xammaldan bizdən daha artıq asılı olan ölkələrdə, məsələn, Ermənistan, Gürcüstan, Rusiyada nə üçün inflyasiyanın bizimkindən təxminən 2 dəfə az olmasını izah etməlidirlər. İnflyasiyanın normal sayıla bilən həddindən artıq hissənin, bu isə ən azı təxminən 8 faizdir, korrupsiya və idxal əməliyyatları üzərində əsl mafiya kimi bərqərar olmuş və dövlət qurumları formasında mütəşəkkil cinayətkar qrup kimi fəaliyyət göstərən qanunsuz inhisar ilə bağlı olması hamıya aydındır. Qeyd etdiyimiz böhran dövründə korrupsiya və inhisar artıq böhran amili kimi çıxış edir. Bu, böhranın mənfi təsirini həddindən artıq artırır.
İnflyasiya ilə bağlı yenə büdcədə çox ciddi qabaqlayıcı tədbirlərin nəzərdə tutulmaması bir tərəfə qalsın, hələ 1992-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanuna ciddi şəkildə əməl olunması da kənara atılmışdır. Bilirsiniz ki, inflyasiya 5 faizdən artıq olarsa, əhalinin bütün gəlirlərinin indeksləşdirilməsi nəzərdə tutulur. Hörmətli maliyyə naziri isə pensiyaların baza hissəsinin artırılmasından danışarkən “indeksləşdirmə” sözünü işlətmiş oldu.
Konkret olaraq büdcə barədə. Bu büdcə layihəsi, əslində, komissiyalardan geri qaytarılmalı idi. Hörmətli deputatlar, ona görə geri qaytarılmalı idi ki, “Büdcə sistemi haqqında” Qanuna görə, məcburi qaydada büdcə ilə bağlı 15 sənəd nəzərdə tutulmuşdur. Bunlardan altısının, ümumiyyətlə, adı yoxdur. Doğrudur, onların dördü sonradan deputatlara paylanılmışdır. Amma ikisi, fikrimizcə, çox mühüm olan iki sənədin nə adı burada vardır, nə də deputatlar bunu almışlar. Hörmətli həmkarım İltizam bəy bunun birini xatırlatdı. Bu, infrastruktur layihələrini özündə əks etdirən sənəddir. İkincisi isə dövlət büdcəsindən maliyyələşdirilən, məqsədli proqramları özündə əks etdirən sənəddir. Təkrar edirəm, təkcə bu, kifayət idi ki, bu zərf əvvəlcədən komissiyalardan geri qaytarılsın. Bu həm də, büdcədə qeyd olunduğu kimi, investisiyanın şəffaflığını, belə demək mümkünsə, dərəcəsini həddindən artıq geri atmışdır və göstərir ki, əslində, hökumətin konkret strateji investisiyası da yoxdur. Əvvəl milyardlarla pul ayrılır, sonra isə bu pulun haraya xərclənməsi müəyyən edilir. Məsələn, keçən ilin may ayında tikintiyə təxminən 2 milyard pul ayrıldı. Amma Bakı–Quba, Astara–Lerik, Bakı–Şamaxı istiqamətində yolların tikintisi dayandırılmışdır. Üç ildir “Xalqlar dostluğu” metrosunun ətrafındakı yolların bərpa işləri dayandırılmışdır. Digər sahələrə də diqqət etsək, milyardlarla pulun harada olması məlum deyil. Əslində isə bunların ciddi şəkildə mənimsənilməsindən xəbər verir. Əks təqdirdə bunun cavabı verilməlidir.
Konkret büdcənin özü barədə. Büdcənin adını düzgün qoymaq lazımdır. Büdcə transfert büdcədir. Bu, inkişaf, sosial və yaxud kənd təsərrüfatı yönümlü büdcə də deyil. Belə bir büdcə deyildir. Bir halda ki, büdcə birbaşa transfert büdcəsidir, mənə elə gəlir ki, Dövlət Neft Fondundan 1 və ya 1,5 milyard pul götürüb təhsil, səhiyyə işçilərinin, hərbi qulluqçuların vəzifə maaşlarının, sosial pensiyaların, pensiyaların baza hissəsinin, təqaüd və müavinətlərin, sosial ipoteka üçün nəzərdə tutulmuş vəsaitin 1,5–2 dəfə artırılması məsələsini də həll etmək lazımdır. Amma əslində, vəziyyət, əlbəttə, olduqca daha ciddi xarakter daşıyır. Faktik olaraq, bu büdcənin transfert hesabına formalaşdırılması əsas mexanizm kimi vergitutma, vergi vasitəsi ilə tənzimləmə prinsipini olduqca zəiflətmişdir və bunun mənfi təsirini biz hiss edəcəyik. Büdcənin 45 faizinin Dövlət Neft Fondundan transfert hesabına maliyyələşdirilməsi bu fondun yaradılması və mövcudluğunu mənasızlaşdırmışdır. İndi Dövlət Neft Fondu, sadəcə, digər dövlətlərdə olan dövlət valyuta ehtiyatları və stabilləşmə fondu tipli instituta çevrilmişdir. Bir daha təkrar edirəm, bu çox ciddi dəyişiklikdir və bunun bizim iqtisadi inkişafımıza mənfi təsirləri özünü göstərəcəkdir.
Büdcənin maliyyə vəsaitlərinin regionlar üzrə paylanması haqqında. Sabirabadda adambaşına dövlət büdcəsindən cəmi 100 manat pul ayrılır. Misal üçün deyirəm, Naxçıvan Muxtar Respublikasında adambaşına dotasiya 1800 manatdır. Əlbəttə, heç kəs əleyhinə deyildir ki, Naxçıvana bu qədər vəsait ayrılsın. Hesab edirəm ki, Sabirabada dotasiya ən azı 200 manat məbləğində müəyyən edilməlidir ki, heç olmasa, sosial ədalət prinsipi müəyyən qədər bərqərar olsun. Hörmətli deputatlar və hökumət nümayəndələri, burada Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsindən çox danışıldı. Amma Prezidentin 2005-ci il oktyabr ayında bu proqrama əlavə etdiyi sənədlərin birində Sabirabad üçün nəzərdə tutulmuşdu ki, burada parça zavodu tikilsin, kanalizasiya, su xətləri çəkilsin, Padar–Sabirabad yolu bərpa edilsin, Sabirabadın Şirvan bölgəsi kəndlərində yeni qaz kəmərləri çəkilsin. Bunların heç biri, təkrar edirəm, yerinə yetirilməmişdir. Bu vəziyyət Sabirabadda ciddi irəliləyişdən danışmağa imkan vermir. Qeyd etdiyim sahələrin yerinə yetirilməməsi üzündən Sabirabadda, əslində, hər hansı bir inkişafdan, yüksəlişdən, əhalinin həyat səviyyəsinin artımından danışa bilmərik.
Konkret olaraq seçicilərimin problemi ilə bağlı bir sıra məsələləri xatırlatmağa imkan yoxdur. Amma hər halda hörmətli Fəzail Ağamalını bir məsələdə müdafiə etməyə məcburam ki, çox ciddi suvarma sistemlərinin betonlaşdırılması üçün iri zavodların tikilməsi vacibdir. Vaxtilə Sabirabadda ümumittifaq əhəmiyyətli belə bir zavod fəaliyyət göstərirdi. Nazirlər Kabinetindən xahiş edirik ki, həmin zavodun fəaliyyətinin bərpa olunması üçün müvafiq tədbirlər görülsün və elə bu büdcənin özündə müvafiq maliyyə vəsaiti nəzərdə tutulsun.
Bir daha təkrar edirəm, hörmətli deputatlar, hökumət üzvləri, biz hər hansı uğurların üstündən xətt çəkmək istəmirik. Biz ölkənin geriyə doğru mənfi ssenari ilə inkişafının tərəfdarı deyilik. Uğurlar olsa, biz də buna sevinəcəyik. Amma hesab edirəm ki, bu cür siyasət və bu strategiya ilə qazanılmış uğurlar belə aradan qalxacaqdır. Fikrimizcə, çıxış yolu Azərbaycan demokratik qüvvələrinin, müxalifətin hakimiyyətə gəlməsindən ibarətdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İnşallah de, Pənah bəy. Siz təklif etdiniz ki, büdcə layihəsi komissiyalardan geri qaytarılmalıdır. Məncə, Siz komissiyanın iclasında iştirak edərkən bu büdcənin geri qaytarılması haqqında heç söhbət də etmədiniz. İndi Milli Məclisin iclasında belə məsələ qaldırırsınız. Ermənistanla, Rusiya ilə müqayisə edirsiniz. Baxır, iqtisadi inkişaf nə səviyyədədir, inflyasiyanın yaranma səbəbləri nədir? Onların səviyyəsi ilə bizim inkişaf səviyyəmizi tutuşduranda görürsən ki, fərq həddən artıq böyükdür. Ona görə birtərəfli analiz aparmayın, xahiş edirəm. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! İcazə versəydiniz, mən çıxışıma Hesablama Palatasının bizə verdiyi hesabatla bağlı fikirlərimlə başlayardım. Ümumiyyətlə, uzun dövr ərzində biz öyrəşmişdik ki, Hesablama Palatasının verdiyi həm məlumatlar, həm də rəylər heç bir zaman bizim işimizə kömək etmirdi. Amma bugünkü hesabatla bağlı çox böyük təşəkkürümü bildirmək istəyirəm. Arzu etmək istəyirəm ki, gələn illərdə də bu cür rəyləri və millət vəkillərinin işini yüngülləşdirə biləcək materialları ilə bizə köməkçi olsunlar. Bir daha təşəkkür edirəm.
Cənab Sədr, bilirsiniz ki, bizim parlamentimizin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının və eyni zamanda, Los-Ancelesdə Baş konsulumuzun işinin nəticəsi olaraq Kaliforniya ştatında çox gözəl bir sənəd qəbul edilmişdi. Həm parlamentin, həm Baş konsulluğun işinin nəticəsi artıq göz qabağındadır.
Mən burada bir məsələyə toxunmaq istərdim. Nazirlər Kabinetindən bir xahişim var. Biz bu konsulluğun işinin və orada işləyən diplomatların hansı səviyyədə iş gördüklərini konkret olaraq görmüşük. Amma bu konsulluğun işi ilə bağlı çox böyük problemlər var. Baş konsulluq Amerika Birləşmiş Ştatlarının qərb sahilində yerləşən bütün ştatları ilə işləmək məcburiyyətindədir. Nəzərə alaq ki, yalnız Kaliforniya ştatında 40 milyona yaxın əhali yaşayır. Bizim həmin konsulluğumuzda diplomatların sayı çox azdır. Mən xahiş etmək istərdim ki, burada işin daha da intensiv olması və ümumiyyətlə, işimizin nəticələrinin daha çox olması üçün həmin konsulluğun diplomatlarının sayının artırılması ilə bağlı konkret addımlar atılsın.
Cənab Prezident çıxışında son 9 ayla bağlı ölkədə ərzaq təhlükəsizliyi, enerji, demoqrafik təhlükəsizliklə bağlı konkret fikirlər söyləmişdir. Mən icazənizlə ərzaq təhlükəsizliyi ilə bağlı bir neçə məsələyə toxunmaq istərdim. 2007-ci il cənab Prezidentin 1907 nömrəli Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında sərəncamında yanacağın, motor yağlarının, mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi göstərilmişdir. Amma bu gün həmin sahədə çox maraqlı işlər baş verir. Məsələ burasındadır ki, dövlət tərəfindən kənd təsərrüfatı rayonları üçün çox böyük güzəştlər nəzərdə tutulduğuna baxmayaraq, rayonlarımızda bir çox məsələləri həyata keçirməkdə konkret maneələrlə rastlaşırlar. Həmin maneələrdən ən böyüyü Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda şöbələrinin olmaması ilə bağlıdır.
Fermer təsərrüfatlarında işləyən insanlara rayonlar səviyyəsində heç bir köməklik göstərilmir. İnsanların bu gün kənd təsərrüfatı sahəsi ilə məşğul olması üçün rayonlar səviyyəsində işlər görülmür. Mən tam məsuliyyətlə demək istəyirəm ki, əgər biz monitorinq keçirsək, araşdırsaq, görəcəyik ki, doğrudan da, bu gün taxıl əkilməsi vacib olmayan rayonlarda taxıl əkilir və nəticə də alınmır və yaxud tamam başqa bitkilərin əkilməsi vacib olan rayonlarda yenə taxıl əkilir. Yalnız ona görə ki, taxıl bitkiləri üçün müəyyən vəsait ayrılıb. Bu günlər baxa bilərsiniz. Bir çox rayonlarda, əslində, bu vəsait alınıb. Amma fermerlər bu işlərə o qədər gec başlayıblar ki, hələ konkret bir yana gəlib çıxa bilməyiblər. Mən bu məsələlərlə bağlı çox istərdim ki, Kənd Təsərrüfatı Nazirliyi müəyyən addımlar atsın və eyni zamanda, Nazirlər Kabineti ilə bu məsələni araşdırmağı xahiş edərdim. Doğrudan da, rayonlarımızda Kənd Təsərrüfatı Nazirliyinin şöbələrinin olmaması bizi çox böyük problemlərlə qarşılaşdırır. Mən bilmirəm kənd təsərrüfatında məşğul olan nə qədər insan öz sözlərini Kənd Təsərrüfatı Nazirliyinə çatdıra bilirlər. Əminəm ki, onların iki-üç faizi belə Kənd Təsərrüfatı Nazirliyində bu məsələləri qaldıra bilmirlər. Amma biz rayonlara gedirik və seçkilər dövründə də olduq. Mən bir daha bu məsələnin üzərində durmaq istərdim. Çox istərdim ki, bu məsələni nəzərə alaq.
Gənclər üçün iş yerləri məsələsinə toxunmaq istərdim. Cənab Prezident də demoqrafik təhlükəsizliklə bağlı fikirlərini dedi. Amma burada ikinci bir məsələ var. Doğrudur, təqaüdə çıxmış insanlar yerlərini gənclərə verməlidirlər. Amma eyni zamanda, nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda məsələni bu cür həll etməsək, 10-15 ildən sonra qocalma problemi ilə üzləşəcəyik. Amma bu o deməkdir ki, artıq təqaüdə çıxmış insanları işdən ayırmalıyıq. Çox böyük məsuliyyətlə demək istəyirəm ki, bu gün işləyən təqaüdçülərin böyük əksəriyyəti iş-əmək prosesində yaranmış psixoloji asılılıq ucbatından işə gedir. Yəni bir çox təqaüdçülər “işə getməsəm ölərəm” prinsipi ilə nə olursa-olsun işləmək və haraya isə işə gedib-gəlmək uğrunda, yaşamaq uğrunda mübarizə edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir təklifim var. Avropada bu problem geniş öyrənilmişdir. Təqaüdə çıxmış insanların əmək prosesindən psixoloji asılılıq problemlərini öyrənərək həmin problemlərin həllinin alternativ yollarının həyata keçirilməsi üçün müəyyən addımlar atmaq olar. Təqaüdə gəlincə, şübhəsiz, burada vəziyyəti yaxşılaşdırmaq üçün səylər göstərilə bilər. Mən güman edirəm ki, göstəriləcək. Gəlin, razılaşaq ki, müharibə əlillərinə 2008-ci ilin sentyabrın 1-dən verilən I qrup əlillərə 90 manat, II qrup əlillərə 70, III qrup əlillərə 50 manat, əlbəttə, bugünkü reallıqlara uyğun gələn rəqəm deyildir.
Səhiyyə ilə bağlı bir neçə fikrimi də bildirmək istərdim. 2009-cu ildə səhiyyəyə ayrılan vəsait, ümumiyyətlə, büdcənin 4,8 faizini təşkil edir. Nəzərə alsaq ki, cəmiyyətimizin inkişafının əsas şərti insanların sağlamlığıdır, bu sahəyə ayrılmalı olan vəsaitin miqdarının ümumi büdcənin 5-7 faizini təşkil etməsi məqsədəmüvafiq olardı. Müqayisə üçün qeyd etmək istəyirəm ki, Şərqi Avropada bu rəqəm ümumi büdcənin 10 faizi, Qərbi Avropada isə 18 faizini təşkil edir. Ən böyük problemlərimizdən biri bu gün tibbi sığorta məsələsidir. Verilən axırıncı məlumatlarda göstərilir ki, tibbi sığorta Nazirlər Kabineti tərəfindən işlənib hazırlanıb. Öyrənmək istərdim ki, bu sahədə vəziyyət nə yerdədir və ölkədə tibbi sığorta məsələsinə konkret olaraq nə zaman başlanacaq? Büdcədə göstərilir ki, qanın komponentlərinin, donorluğun və qan xidmətlərinin inkişafına və dövlət proqramına 3 milyon manat ayrılıb. Məsələ burasındadır ki, müharibə şəraitində olan ölkəmiz üçün qan bankının yaradılması çox vacib və səhiyyənin bir nömrəli məsələlərindən biridir. Mən bu sualı da vermək istərdim: qan bankının yaradılması üçün bayaq adını çəkdiyim dövlət proqramına ayrılmış 3 milyon manat kifayətdirmi və yaxud bu vəsaitin üzərinə yeni vəsait əlavə etmək lazımdır?
Səhiyyə sahəsində ana və uşaq ölümü aktual problem olaraq qalmaqdadır. Bunun da əsas səbəblərindən biri büdcədə səhiyyə xərclərinin aşağı olmağıdır. Körpə uşaq və analar arasında ölüm səviyyəsinin ixtisar edilməsi üçün hamilə qadın və uşaqların müayinə sistemi təkmilləşdirilməlidir. Pulsuz ilkin tibbi yardım və peyvəndləndirmə sistemindən geniş xalq kütləsinin istifadəsi ilə bağlı daha yaxşı şərait yaradılması üçün, şübhəsiz, burada olan vəsaiti artırmaq çox vacibdir.
2009-cu ildə təhsilimizə ayrılan vəsaitlərlə bağlı bir-iki fikrimi demək istərdim. Hazırda bu vəsaitin böyük bir hissəsi ibtidai və orta təhsil üçün nəzərdə tutulub. Bu da tamamilə məntiqə uyğundur. Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə ümumtəhsil məktəbləri üçün orta aylıq əmək haqqı 150 manata bərabərdir. Aydın məsələdir ki, bu rəqəm özü hər şeyi danışır. Yəqin ki, bu sahədə müəyyən addımlar atılacaqdır. Təhsil Nazirliyi də bu sahədə fikirlərini bildirər. Amma yaxşı olardı ki, orta təhsil sahəsində çalışan insanların əmək haqqı ilə bağlı müəyyən məqamlar nəzərdə tutulsun.
Əsas fikirlərimdən biri bələdiyyələrin maliyyələşdirilməsi ilə əlaqədardır. Mən bunu bir dəfə də söyləmişdim. Bu gün bələdiyyələrin maliyyələşdirilməsi ilə bağlı məsələlər artıq o vəziyyətə gəlib çatıb ki... Ümumiyyətlə, əmlak vergisindən tutularaq bələdiyyə büdcəsinə ödənilməsi nəzərdə tutulan məqam, demək olar ki, işləmir. Lakin vətəndaşlar müəyyən səbəblər üzündən bu vergiləri ödəməyirlər. Mənzillərə olan mülkiyyət hüququnun dəyişdirilməsi zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən əmlak vergilərinin ödənilməsi barədə arayış tələb edilmir. Bu səbəbdən də həmin şəxslər vergi ödəməkdən çox asan üsulla yayınırlar. Bundan əlavə, şəhərin mərkəzindən uzaq sahələrdə yaşayan şəxslərin böyük əksəriyyəti böyük mənzillərini icarəyə verərkən vergi ödəməkdən boyun qaçırırlar. Bu kateqoriyaya aid olan vətəndaşların vergi ödənişinə cəlb edilməsi büdcəyə əlavə vəsaitin daxil olmasına imkan yaradar. Çox istərdim ki, bununla bağlı Vergi Məcəlləmizdə müəyyən mexanizm işlənilsin, çünki doğrudan da, bələdiyyələrin vəsaitlərinin toplanılması...
Sədrlik edən. Sağ olun. Gülər xanım, çıxışınızda məsələ qaldırdınız ki, Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda şöbələri açılmalıdır. Vaxtı ilə Kənd Təsərrüfatı Nazirliyi ən böyük nazirlik idi. Kolxozlar, sovxozlar, emal müəssisələri özəlləşdirildi. Həmin nazirliyin ərazi bölmələrinin yaradılmasına lüzum yoxdur. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Milli Məclis, hörmətli hökumət üzvləri! Büdcədəki artım və ölkə həyatına bunun təsiri, eləcə də büdcənin ildən-ilə daha peşəkarlıqla hazırlanması və vaxtında Milli Məclisə təqdim edilməsi barədə çox danışıldı və mən də həmin fikirlərə qatılıram. Məncə, əsas məsələ büdcənin artımı ilə xalqın həyat tərzi arasında uyğunluq yarada bilməkdən ibarətdir. Burada respublikanın büdcədən kənarda qalan imkanlarından və israfçılıqdan konkret misallarla ətraflı danışmaq olardı. Ancaq məni daha çox büdcəyə və ölkə iqtisadiyyatına münasibət narahat edir.
Müzakirələrdə belə meyil duyulur ki, xəzinəyə pul yığıldısa, büdcəmiz artırsa, deməli, bütün işlər qaydasındadır. Bu fikir yanlışdır, ona görə ki, cəmiyyəti yalnız pul idarə etmir. Təəssüf ki, bu gün Azərbaycanda maddiyyətçilik, qazanc ehtirası çox vaxt milli mənəviyyat, mədəniyyət, ruh və tərbiyə məsələlərini unutdurur. Mənəvi inflyasiya və simasızlaşdırma, milli kimlikdən uzaqlaşma prosesində bizim idarəçilik prosesi daha çox məsuliyyət daşıyır. Yerlibazlıq, tayfabazlıq, bölgəçilik ibtidai şüurun əlamətidir, milləti içindən parçalayan bir işdir və bu işin başında daha çox imkanlı adamlar, dövlət məmurları dayanırlar. Bu, əyriliyə, qeyri-peşəkarlığa, dövlət əmlakının parçalanmasına yol açır, eyni zamanda, Azərbaycanın nüfuzuna ciddi zərbə vurur.
Millətimizin şərəfi və milli ləyaqətinə münasibət ciddi problemdir. Sanki bəzi dövlət idarələri və müəssisələr yalnız adamları alçaltmaq və milləti gözdən salmaq üçün fəaliyyət göstərirlər. Məsələn, Gürcüstanı adlayıb, keçib gəlirlər sərhədə qədər, sərhəddə onlara viza verməkdənsə, təzədən qaytarırlar Tiflisə ki, Tiflisdə də üç gün gözləyib viza alsın. İnsanları bu cür incidib ölkə haqqında pis təsəvvür yaratmaq nəyə lazımdır? Niyə bu məsələ həll olunmur, illər boyu gedir? Bu azmış kimi, idarələr arasında münasibətlər də əlavə problem yaradır. “Dövlətdə səs bir ağızdan çıxar” deyirlər. Ancaq bizim məmurlarımızın hərəsi öz qanunlarını yaradır. Çoxunun ətrafında gizli dəstəsi, öz mətbuat şəbəkəsi, söyüş söyənləri, böhtan atanları dayanırlar. Şəxsi münasibətlər dövlət marağı səviyyəsində təqdim olunur.
Korrupsiyadan, rüşvətdən çox danışılıb. Bunun bir səbəbi də rəsmi vəzifələrdə çalışanların müxtəlif adlar altında öz işlərinə paralel özəl müəssisələr yaratmalarıdır. İmkan, texnika, sifariş, sərmayə dövlət qurumuna yönəldilsə də, qeyri-hökumət şəbəkəsinin adı altında həmin alternativ müəssisələrə ötürülür. Orada da uçot və vergi işləri başlı-başınadır. Büdcəni artırmaq imkanları bu dolanbac yollarda əriyib itir. Belə idarəçilik yolu ilə ən ideal büdcə də cəmiyyətə sabitlik gətirməz, əksinə, ziddiyyəti artırar.
Bir neçə kəlmə də təhsil və mədəniyyət müəssisələri haqqında demək istəyirəm. Son illərdə bu sahələrin inkişafı ilə bağlı xeyli iş görülüb. Xüsusən məktəb tikintisi və latın qrafikasında ədəbiyyatın nəşri illər uzunu hamını narahat eləyən bir sahənin dirçəlməsinə səbəb olub. Təəssüf ki, bir sıra hallarda məktəb və mədəniyyət ocaqlarının zahiri gözəlliyi və çağdaş texnoloji imkanları içərisindəki mühitə uyğun gəlmir. Demək olar ki, bütün mədəniyyət ocaqları, ali məktəblər, muzeylər, teatrlar ya yeni tikilir, ya əsaslı şəkildə təmir olunur. Amma köhnə hava, təhsilə, elmə, mədəniyyətə köhnə münasibət dəyişilmir. Azərbaycanda özəl və pullu təhsil sistemi yarananda sevinmişdik ki, nəhayət, bu sahədə bir aydınlıq yaranacaq. Təəssüf ki, bu gün təhsil sistemləri arasında fərq itib. Dövlət ali məktəbləri ilə özəl ali məktəblərin ödənişləri təxminən bərabərdir. Belə olan halda “dövlət” sözünün mənası qalmır. Bütün tələblərə baxmayaraq, təhsil haqqında qanun hələ də qəbul edilməmişdir. Təhsil proqramı var, ancaq onun milli xarakteri yetərincə duyulmur. Bu büdcədə də pafoslu bir şəkildə uşaqlarımızın ümumbəşəri dəyərlərlə tərbiyə ediləcəyindən danışırıq. Soruşmaq istəyirik ki, ümumbəşəri dəyərlər nədir? Bütün dünyada təhsilin əsas fəlsəfəsi milli dəyərlərin aşılanmasıdır. Ümumbəşəri dəyərlər məhz milli dəyərlərin toplusundan ibarətdir. Kəndlərdə xarici dil müəllimləri yenə çatışmır.
Çox mühüm məsələlərdən biri də Azərbaycanın tarixi vəziyyəti və strateji maraqları ilə bağlıdır. Təəssüf ki, bu barədə az adam düşünür. Bizim bir sıra qanunlarımızda sərhədlərimizdən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələri, burada oxumaları və iş qurmaları barədə güzəştlər nəzərdə tutulmuşdur. Lakin real həyatda bunların heç birinə əməl edilmir. İllər uzunu xahiş və tələblərimizə baxmayaraq, dövlət büdcəsində kənardan gəlib bizdə oxumaq istəyənlər üçün bir manat da pul ayrılmır. Nəticədə İranda azərbaycanlıların sayı 45 milyona çatsa da, ana dilində bircə məktəbi olmayan soydaşlarımız burada da imkan əldə eləyə bilməyəndə Avropa ölkələrinə üz tuturlar.
Toxunmaq istədiyim başqa bir məsələ seçildiyim bölgənin vəziyyəti ilə bağlıdır. Büdcədə əhalisi Yardımlıdan 30-40 faiz az olan bəzi rayonlara ondan az qala iki dəfə artıq vəsait ayrılmışdır. Bu ögey-doğmalığın səbəbi anlaşılmır. Ağzımızı açan kimi Yardımlıya yol və qaz çəkilişini ortaya atırlar. Bu böyük bir işdir və rayon əhalisi dəfələrlə öz minnətdarlığını bildirmişdir. Qaz hələ ki, yalnız rayon mərkəzinə verilir. Rayonun bir neçə bölgəsi var ki, 5-6 kilometrlik yollarla onların hamısını rayon mərkəzi ilə birləşdirmək olar. İndiki halda, təəssüf ki, bir kənddə normal yol yoxdur. Lerik və Yardımlı yanaşı olsalar da, aralarında 30-40 kilometr yol yoxdur və bu rayonların əhalisi bir-birinə getmək üçün 150 kilometr yol keçməlidirlər. Masallının bir sıra iri kəndlərində su problemi var. Orada artezian quyularının qazılması imkanları var, təəssüf ki, bunu da həyata keçirmək mümkün deyil. Ümumiyyətlə, dağ rayonlarının problemi köklü şəkildə həll edilməlidir. Bəzi ölkələrdə əhalini orada saxlamaq üçün onlara yardım edirlər. Amma bizim dağ rayonları, təəssüf ki, gözdən-könüldən uzaqdadır.
Son illər ərzində yerli məhsullar ola-ola diqqətin daha çox xarici ticarətə yönəldilməsi bir sıra təsərrüfat sahələrini iflic vəziyyətinə salmışdır. Yerli təsərrüfat sahələrinin yaradılması bir yana, insanların həyət-bacasında yetişdirdiyi mer-meyvə, ət və süd tədarük müəssisələri olmadığından çürüyüb gedir. Bu rayonlarda üzümçülüyün, tütünçülüyün, baramaçılığın, heyvandarlığın böyük ənənələri vardır. Həmin sahələri dirçəltmək üçün o qədər də böyük vəsait tələb olunmur. Ən ciddi məsələlərdən biri torpağa münasibətdir. Fəallaşma, əkin sahələrinin yararsız hala düşməsi bir yana, ən böyük bəlalardan biri imkanlı adamların, rayon başçılarının 100 hektarlarla torpağı zəbt etmələridir. Kim hansı rayona düşürsə, elə bilir ki, bura onun dədə-babasından qalıb, harada gözə dəyən bərəkətli yer varsa, oraya əl qoyur. Bir çox hallarda da bu torpağı işlətmir, saxlayır nə vaxtsa ağır günü üçün.
Büdcədə qloballaşmaya baxış və onun milli dövlətçilik iqtisadiyyatına davamlılıq gətirməsi yanlışdır. Əksinə, bu gün milli dövlətçiliyi qlobal faciələrdən qorumaq lazımdır. Mən təsadüfən bir neçə ilin sosial-iqtisadi inkişafının əsas problemlərini, bölmələrini yanaşı qoydum və gördüm ki, burada mətn, demək olar, təkrar edilir. Yalnız bir neçə rəqəm dəyişilir. Məncə, bu sənədlərdə bir sıra şişirtmələr və yanlışlıqlar da var. Məsələn, 2007-ci ilin yekunlarından danışılarkən yazılır ki, 2007-ci ildə sənaye istehsalında qeyri-dövlət bölməsi 77,4 faiz təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz çoxdur. (II cild səh. 40). Ötənilki müvafiq sənədin 34-cü səhifəsində qeyri-dövlət müəssisələrinin payı 76,7 faiz göstərilir. Göründüyü kimi, artım 32,6 faiz yox, cəmi 0,7 faizdir. Əhalinin sakinliyi və demoqrafiyası sahəsindəki dövlət proqramından da bir misal çəkmək istəyirəm. Yazılır: “dövlət proqramının əsas məqsədi əhalinin optimal təkrar istehsalına nail olmaqdan ibarətdir”. (səh.65) Yaxud yazılır: “əhalinin kəmiyyət, keyfiyyət üzrə normal təkrar yerli istehsalı üçün zəruri olan doğum səviyyəsini təmin etmək”. Soruşmaq istəyirəm, “əhalinin təkrar istehsalı” nə deməkdir? Yəni bizim hökumət 2009-cu ildə ölü diriltməklə məşğul olacaq?
Sonda hökumət üzvlərinin diqqətini vaxtilə Milli Məclisdə bir dəfə toxunduğum ekoloji fəlakət məsələsinə cəlb etmək istəyirəm. Bakının qəsəbələrindən olan Qızıldaş və Şonqar kəndlərinin yaxınlığında neçə illər idi ki, gizli və açıq şəkildə reaktiv maddələr basdırılır. İndi həmin kəndlərin torpaqlarında göyərti belə bitmir. Doğulan uşaqların yarıdan çoxu xəstədir. Bu işi kim görür, necə görür? Azərbaycanın, paytaxtın gözünün qabağında və kimlərin icazəsi ilə? Onsuz da daş karxanalarında çalışan və vəziyyəti ağır olan yoxsul camaatı kim bu cəzaya məhkum edib? Xahiş edirəm, hökumət həmin məsələ ilə təcili surətdə məşğul olsun, araşdırsın və bu biabırçılığa son qoyulsun.
Çıxışımı yekunlaşdıraraq demək istəyirəm ki, büdcə sənədləri peşəkarlıqla hazırlanıb. Amma əsas bu sənədlərdəki rəqəmlər deyil, onların həyata keçirilməsidir. Biz, təəssüf ki, bu sözlərin bəzilərini Baş nazirin iştirakı ilə deməli idik. Amma Baş nazirin burada adını eşitməmiş bizim Milli Məclis onu alqışlarla yola saldı. Əslində...
Sədrlik edən. Sabir müəllim, Baş nazir müzakirəsi qurtardı. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Milli Məclis və hökumət üzvləri! Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan iqtisadiyyatının hazırkı inkişaf səviyyəsinə uyğun olaraq tərtib edilmiş və Azərbaycan iqtisadiyyatının reallıqlarını özündə əks etdirməklə ölkənin növbəti ildə inkişafını təmin edə biləcək, ən başlıcası isə bu inkişafa maliyyə zəmini yarada biləcək bir sənəddir. Əgər bu layihəni əvvəlki illərin dövlət büdcələri ilə müqayisə etsək, dövlət siyasətinin strateji xətlərinin prioritetlərinin məhz bu layihədə də saxlanıldığının şahidi ola bilərik. Çox təqdirəlayiq bir haldır ki, ən böyük büdcə vəsaiti xərclənəcək sahə təhsil sahəsidir, bu da 1 milyard 352 milyon manat təşkil edir.
Ümumiyyətlə, respublikada elm, təhsil, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti həmişə dövlət siyasətinin prioritet istiqamətlərindən olub. Bu da respublikada çox mühüm bir strateji məsələnin həllində, intellektual kapitalın formalaşmasında və inkişaf etdirilməsində mühüm rol oynaya biləcək. 2009-cu ilin dövlət büdcəsində 2008-ci illə müqayisədə bu sahəyə ayrılacaq xərclər 24,5 faiz artıb. İkinci ən böyük büdcə vəsaiti müdafiə sahəsində xərclənəcək ki, bu da ərazi bütövlüyü ilə bağlı problemləri olan bir ölkə üçün təbii haldır.
Təqdirəlayiq haldır ki, büdcə layihəsində qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirilir. Qeyri-neft sektorunda vergi yığımlarının təxminən 23,8 faiz artırılması da özünü göstərəcəkdir. Bununla yanaşı, bu büdcə, ümumiyyətlə, respublikada sosial inkişafı təmin edə biləcək çox mühüm bir sənəddir. Düzdür, büdcə bir sıra həmkarlarımın tənqidlərinə də məruz qaldı. Çox mükəmməl, daha böyük maliyyə vəsaitlərinə malik olan bir büdcədir, cəmiyyətə uğurlar gətirə biləcək bir büdcə arzulandı.
Bunu biz hamımız arzulayırıq. Sözsüz, hamı arzulayır ki, respublika büdcəsi bizim bu gün müzakirə elədiyimiz vəsaitdən qat-qat artıq vəsaiti əhatə etsin. Qeyri-neft sektoru o qədər sürətlə inkişaf etsin ki, neft sektorunu belə kölgədə buraxsın. Dövlət Neft Fondundan 1 manat belə olsun dövlət büdcəsinə transfert olunmasın. Azərbaycan xalqının yaşayış səviyyəsi o qədər sürətlə artsın ki, müqayisə edilməyəcək bir səviyyəyə gəlib çatsın və respublikada 1 nəfər də olsun kasıb insan olmasın. Biz bu xoş arzuların siyahısını sonsuzluğa qədər uzada bilərik.
Büdcə utopiya, qeyri-reallıqlar əsasında tərtib oluna bilməz. Büdcə ölkə iqtisadiyyatının mövcud inkişaf səviyyəsinə uyğun olmalı və iqtisadiyyatın konkret mövcud reallıqlarından qaynaqlanmalıdır. Bir məsələni də yaddan çıxarmaq olmaz. Büdcə layihəsi də bir qanun layihəsidir, parlament tərəfindən qəbul olunandan sonra, növbəti 1 ildə həmin büdcənin icrası ilə bağlı mövcud ictimai münasibətləri tənzimləyəcək bir qanundur. Qanunun özü də abstrakt təxəyyüllər əsasında formalaşa bilməz. Büdcə ölkədəki reallıqları, o cümlədən də iqtisadi reallıqları özündə əks etdirməlidir. Əks təqdirdə belə bir qanunun icrasını təmin etmək olmaz. Reallıqlar isə ondan ibarətdir ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra cəmisi vur-tut 17 il keçib və bu 17 il ərzində böyük bir sürətlə inkişaf yolu keçib. Bu gün müzakirə elədiyimiz dövlət büdcəsindəki rəqəmləri əvvəlki dövlət büdcəsinin rəqəmləri ilə müqayisə etməklə də bunu görmək mümkündür. Bu gün müzakirə etdiyimiz dövlət büdcəsinin gəlirləri 2001-ci ilin dövlət büdcəsinin gəlirləri ilə müqayisədə 15,5 dəfədən də artıqdır. Məhz bu, keçilən inkişaf yolunun konkret əyani timsalıdır.
Mən bu büdcə layihəsini dəstəkləyəcəyəm və hörmətli həmkarlarımdan da bunu dəstəkləməyi xahiş edirəm. Bununla yanaşı, hökumət üzvlərinin müzakirələrdə iştirakı fürsətindən istifadə edib bir neçə sualla onlara müraciət etmək istərdim. Birinci sualım bundan ibarətdir: Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, özəlləşdirilən iri sənaye müəssisələri hazırda ya işləmir, ya da tam gücü ilə işləmir. Əgər nəzərə alsaq ki, ağır sənaye iqtisadiyyatda aparıcı rola malikdir, hökumət bu müəssisələrin tam gücü ilə işləməsi üçün hansı tədbirləri görmək fikrindədir?
Mənim ikinci sualım da var. Əgər büdcə layihəsinə fikir versək, Bakı şəhərini və Abşeron rayonunu çıxmaq şərti ilə yerdə qalan rayonlar büdcədən ayrılan dotasiyalar hesabına yaşayır. Yerli büdcənin, daha doğrusu, iqtisadiyyatın rayonlar səviyyəsində formalaşdırılması, daha da inkişaf etdirilməsi üçün hökumət hansı tədbirləri görmək fikrindədir? Düzdür, regionların inkişaf proqramları çərçivəsində regionlarımızda həddindən artıq böyük işlər görülüb. Amma bu hələ regionların gəlirlərinin xərclərini ödəməsi səviyyəsinə gətirib çıxarmayıb. Mən istərdim ki, konkret rayonlar səviyyəsində iqtisadiyyatın formalaşdırılması, gəlir gətirən bir sahəyə çevrilməsi, yerli xərcləri ödəməsi, habelə mərkəzi büdcəyə xeyir verməsi səviyyəsinə gətirilməsi istiqamətində hökumət hansı tədbirləri görmək fikrindədir?
Sonuncu sualım isə burada hörmətli həmkarlarım tərəfindən səsləndirilən və seçicilərlə görüşdə dəfələrlə qaldırılan bir məsələ ilə, yəni sovet dönəmindən banklarda qalmış əmanətlərin, heç olmasa, mərhələlərlə qaytarılması ilə bağlıdır. Mən bilmək istərdim ki, hökumət bu barədə hansı tədbirləri görmək istəyir? Bu məsələ açıqlansa, daha yaxşı olar.
Çıxışımın sonunda bir daha qeyd etmək istəyirəm ki, bu büdcə Azərbaycanın mövcud iqtisadiyyatının reallıqlarını özündə əks etdirən bir sənəddir. Növbəti bir ildə Azərbaycan iqtisadiyyatının inkişafına təminat verə biləcək, ən başlıcası isə onu maliyyə vəsaitləri ilə təmin edə biləcək bir büdcə layihəsidir. Odur ki, hörmətli həmkarlarımdan xahiş edirəm, bu büdcə layihəsinə səs verək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rüstəm Xəlilov.
R. Xəlilov. Çox sağ olun, cənab Sədr. Hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri! Hörmətli cənab Sədr, çıxışıma başlamamışdan əvvəl mən bir təklif vermək istəyirəm. Əgər deputat həmkarlarım etiraz etməsəydilər, mən də öz çıxışımı 10 dəqiqə yox, bir az konkretləşdirib 5 dəqiqə etməklə təklif edirəm ki, çıxışlar 5 dəqiqə olsun ki, digər deputat həmkarlarımız da çıxış etmək imkanı əldə edə bilsinlər. Çünki bu büdcə komissiyalarda da müzakirə olunub və indi də...
Sədrlik edən. Kim 10 dəqiqə danışmaq istəyir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də belə hesab edirəm. İndi siyahıya baxıram, günün ikinci yarısı cəmi 8 deputat çıxış edib. İki gündür büdcə müzakirə olunur, sabah müzakirələr davam etdiriləcək. Hələ siyahıda 30-a yaxın deputat var. Mən də hesab edirəm ki, çıxışlar üçün 5 dəqiqə versək, sabah biz hökumət nümayəndələrini də dinləyərik. Mən də etiraz etmirəm. 5 dəqiqəyə keçməyə etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Keçək 5 dəqiqəyə. Buyurun.
R. Xəlilov. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, xalqın çox böyük səs çoxluğu ilə Prezident seçdiyi cənab İlham Əliyev dövlət başçısı kimi, artıq ikinci müddətdə prezidentlik fəaliyyətinə başlamışdır. Cənab Prezidentin seçildiyi ötən 5 il ölkənin beynəlxalq nüfuzunun artması, sosial-iqtisadi inkişafı, çox böyük yerli və regional layihələrin reallaşması, xalqın həyat səviyyəsinin durmadan yüksəlməsi ilə əlamətdar olmuşdur. Xalqımız əmindir ki, qarşıdakı 5 ildə də bizi daha böyük inkişaf, bir-birini izləyən uğurlar gözləyir.
Bu gün müzakirə etdiyimiz dövlət büdcəsinin layihəsi də cənab Prezidentin qarşıdakı 5 ildə ölkədə həyata keçirmək istədiyi proqramın ilk ilinin uğuru üçün mühüm əhəmiyyət kəsb edir. Mən də təqdim olunmuş layihəni bütün sahələri əhatə etməklə ölkənin inkişafı üçün dəqiq hesablanmış və düşünülmüş bir büdcə hesab edirəm. Büdcə layihəsi ilə əlaqədar seçicilərimin xahişini və təmsil olunduğum daimi komissiyanın fəaliyyəti ilə bağlı bəzi məsələlərə münasibətimi də bildirmək istərdim.
2008-ci il dövlət büdcəsində yerli özünüidarəetmə orqanları kimi bələdiyyələrə ayrılan subsidiyaların həcmi 2008-ci ildəki qədər, yəni 3,5 milyon manat nəzərdə tutulmuşdur. Əgər nəzərə alsaq ki, ölkədə 2757 bələdiyyə fəaliyyət göstərir, ayrılmış vəsait hər bələdiyyə üçün 1270 manat təşkil edir ki, bu gün həmin məbləğlə nəyisə həll etmək, demək olar, mümkünsüzdür. Bildiyimiz kimi, bələdiyyələrin böyük əksəriyyətinin maliyyə imkanları olduqca məhduddur və onların topladıqları vergilər nəinki layihələrin işlənib həyata keçirilməsinə, heç əmək haqlarına belə çatmır. Bələdiyyələrin tam formalaşıb yerli idarəetmədə fəallığı təmin olunana qədər onların dövlət tərəfindən lazımi qədər dəstəklənməsinə ehtiyac vardır. Həm də nəzərə almaq lazımdır ki, 2009-cu il bələdiyyələrə seçkilər ilidir.
Hörmətli millət vəkilləri, düzdür, biz burada ümumi büdcə zərfinin müzakirəsini aparırıq. Lakin seçicilərimizin xahişini nəzərə alaraq, onları narahat edən ayrı-ayrı məsələlər və problemlər barəsində danışmaq lazım gəlir. Son illər şəxsən dövlət başçısının və Heydər Əliyev Fondunun prezidenti hörmətli həmkarımız Mehriban xanım Əliyevanın bilavasitə köməyi ilə respublikamızın hər yerində olduğu kimi, Sabirabad rayonunda da 5 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Lakin bu sahədə illərdən bəri yığılıb qalmış problemlərin heç də hamısının həlli mümkün olmaz. Rayonda 85 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan da 45-i uyğunlaşdırılmamış binalarda yerləşir. Məktəblərin müəyyən qədəri qəzalı vəziyyətdədir. Bir neçə məktəbin əsaslı təmirə ehtiyacı vardır. 22 məktəbdə şagirdlər 2-ci və 3-cü növbədə təhsil alırlar. Səkkiz məktəbin tikintisi 1990-1994-cü illərdən yarımçıq saxlanılmışdır. Həmin məktəblərin inşası başa çatdırılsaydı, 5000 nəfərdən artıq şagirdin və ya rayon üzrə bütün şagirdlərin 17 faizinin təlim şəraiti yaxşılaşdırılmış olardı. Odur ki, gələn il üçün təhsil müəssisələrinin tikintisi planında Sabirabad rayonuna da diqqətin artırılması olduqca vacibdir.
Ölkənin ən iri kənd təsərrüfatı rayonlarından olan Sabirabadda əkinlərin suvarılmasında bir çox işlər görülməsinə baxmayaraq, Kür, Araz çayları boyunca mexaniki suvarma sistemlərinin yeniləşdirilməsinə zərurət yaranmışdır. Mən də həmkarlarımın təklifini dəstəkləyərək büdcə zərfinin bilavasitə təsdiq olunmasını təklif edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İsmayıl Hacıyev.
İ. Hacıyev. Hörmətli Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Artıq iki gündür ki, 2009-cu il dövlət büdcəsinin layihəsi müzakirə olunur. Müzakirə olunan dövlət büdcəsi müasir cəmiyyətimizin inkişaf tendensiyasına tamamilə uyğun hazırlanmışdır. Burada büdcə haqqında müxtəlif, əsasən də, müsbət fikirlər deyildi. Lakin büdcəni qeyri-elmi izah eləyənlər də tapıldı. Ancaq birmənalı olaraq qeyd etməliyik ki, büdcə mükəmməl hazırlanmışdır. Azərbaycan cəmiyyətinin inkişaf tendensiyasına uyğundur və 2009-cu il reallıqlarını da özündə əks etdirir. Bu mənada cəmiyyətin iqtisadi inkişafı və dövlət büdcəsi arasındakı proporsiya tamamilə gözlənilmişdir. Yəni büdcə, cəmiyyət, iqtisadi inkişaf, büdcə arasındakı münasibətlər tamamilə obyektiv olaraq öz əksini tapmışdır. Bu mənada dövlət büdcəsinə xeyli əmək sərf eləyən, bunu mükəmməl hazırlayan iqtisadiyyat və maliyyə qurumlarına mən də öz minnətdarlığımı bildirirəm.
Burada təhsil, elm, mədəniyyət, xalq təsərrüfatının müxtəlif sahələri haqqında konkret fikirlər deyildi. Bu təbiidir, çünki biz layihəni müzakirə edirik, layihədə hərə öz arzuladığını, fikirlərini görmək istəyir. Elm sahəsində çalışdığımdan bununla əlaqədar mən də öz fikirlərimi demək istəyirəm. 2007-ci ildən başlayaraq mütəmadi olaraq Azərbaycan elminə, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasına xeyli vəsait ayrılıb. Büdcədə nəzərdə tutulduğu kimi, 2007-ci ildə bütövlükdə Azərbaycan elminə 46,5 milyon manat vəsait ayrılmışdır ki, bunun 32,8 milyonu bilavasitə Milli Elmlər Akademiyasına aiddir. 2008-ci ildə 71,6 milyon manat vəsaitin 40,2 milyonu və bu il büdcədə nəzərdə tutulan 105,8 milyon vəsaitin 67,3 milyon manatı Milli Elmlər Akademiyası üçün ayrılmışdır. Elmlə təkcə Azərbaycan Milli Elmlər Akademiyası məşğul olmur, müxtəlif nazirliklərin, komitələrin, agentliklərin, hətta cəmiyyətlərin də elmi qurumları mövcuddur, respublikamızda bunların sayı 10-dan çoxdur. Ümumiyyətlə, ayrılan 105,8 milyon vəsaitin 38,4 milyonu bu qurumların payına düşür.
Konkret olaraq Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan vəsait bu il üçün 67,3 milyon manatdır. Yəni düzdür, əvvəlki illərlə müqayisədə lazımi səviyyədə ayrılan vəsaitdir. Lakin elmin tutumu, elmin tək daxili siyasətə yox, həm də xarici siyasətə əsaslanması əsas götürülərək elmə ayrılan vəsait ilbəil artırılmalıdır. Burada elmlə bağlı həmkarlarım müxtəlif fikir və mülahizələrini söylədilər. Doğrudan da, bir həqiqətdir ki, cəmiyyət, iqtisadi inkişaf elmi əsaslarla idarə olunur. Cəmiyyət elmi prinsiplər əsasında idarə olunanda müsbət nəticə verir. Bu mənada elmi işçilərin də vəziyyəti yaxşılaşdırılmalıdır.
2008-ci ildə ölkə Prezidenti tərəfindən cəmiyyətimizin bir sıra sahələri ilə bağlı sərəncam və qərarlar qəbul olunmuşdur. Xüsusilə də ali təhsil müəssisələrində çalışan əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün çox mühüm bir qərar verilmişdir. Burada ali təhsil müəssisələrində çalışan əməkdaşların həm stajlarına, həm də tutduqları vəzifələrə görə əmək haqqının müəyyən olunması, xüsusi bölmələrdə işə görə əmək haqqının artırılması, burada deputat həmkarımızdan birinin çox yaxşı dediyi kimi, artıq ali təhsil müəssisələrində çalışan əməkdaşlarımızın əmək haqlarının bir neçə dəfə artırılmasına imkan vermişdir. İstərdik ki, növbəti ildə elm sahəsində çalışan əməkdaşların da əmək haqlarının staja görə müəyyən olunması nəzərə alınsın. Yəni təhsildə tətbiq olunan bu prinsip elm sahəsində də tətbiq olunsun.
Bundan başqa, Azərbaycan Respublikası islahatçı ölkə kimi tanınmışdır və təsadüfi deyildir ki, Azərbaycanda bir sıra beynəlxalq layihələr reallaşdırılıb. Son illərdə Bakı–Tibilisi–Qars dəmir yolunun çəkilməsinə ciddi əhəmiyyət verilir və ölkə Prezidentinin də çıxışlarında bu öz əksini tapmışdır. Burada deputat həmkarımız Siyavuş müəllim də bu barədə dedi. Arzu edərdik ki, Qars–Naxçıvan dəmir yolu da reallaşsın və 2009-cu ilin dövlət büdcəsində buna kredit ayrılması nəzərdə tutulsun. Bir sıra rayonların müqayisəsi də burada aparıldı. Elə bilirəm ki, bu cür müqayisə yolverilməzdir. Hər rayonun ümumi inkişaf səviyyəsi var və bunlar dövlət büdcəsində də nəzərə alınmışdır. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, xanımlar, cənablar! Büdcənin müzakirəsi hər bir ölkə üçün böyük bir hadisədir. Ona görə də bu gün, hesab edirəm ki, Azərbaycanın iqtisadi həyatında çox mühüm bir sənədin konstruktiv müzakirəsi gedir. Dünyada ciddi böhran gedən bir vaxtda, təlatümlü bir dövrdə imkan daxilində əlaqədar təşkilatlar – Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Milli Bank və digər strukturlar kifayət qədər zəruri məqamları nəzərə almaqla büdcə formalaşdıra biliblər. Eyni zamanda, qeyd eləmək lazımdır ki, birinci dəfədir ki, biz belə bir faktla qarşılaşırıq. Büdcədə nəzərdə tutulan, bu gün müzakirə obyekti olan neftin qiyməti proqnozdan aşağı olan bir vaxtda, yəni neftin qiymətinin 60 dollar ətrafında hərəkət etdiyi bir vaxtda biz 70-80 rəqəmləri ilə büdcə qəbul edirik. Burada reallıq hissi ilə çıxış etmək lazımdır, büdcə qəbul edilməmişdən həmin rəqəmlər köhnəlib. Ona görə də həmin büdcə ilə yanaşı gedən mənfi meyillər nəzərə alınmaqla büdcənin işlənilməsində bir sıra məqamlar önə çəkilməlidir. Bu da nədən ibarətdir.
Birinci, proqnozlarla bağlı. Qeyd olundu ki, büdcənin 80 faizə qədəri müdafiə olunan rəqəmlərdir və büdcədə neftin qiymətində dəyişikliklər büdcəyə təsir göstərməyəcək. Amma mən bir məqamı qeyd etmək istəyirəm. Yüzdə-yüz müdafiə olunan hissə Dövlət Neft Fondundan ayrılan 40 faizdir. Proqnozlarda gələn il Azərbaycanın ümumi daxili məhsulunun 18,9 faiz artacağı gözlənilir. Bu real deyil. Hesab edirəm, hökumət bununla yanaşı, gələn il ümumi daxili məhsulun 15-16 faiz artırılması ssenarisini də işləyib hazırlamalıdır ki, daxilolmalarda problem yarananda həmin problemi həll etmək üçün əlavə vəsaitləri olsun. Ona görə ki, həm Rusiyada, həm Qazaxıstanda, həm də MDB ölkələrinin hamısında proqnozlaşdırılan rəqəmlər aşağı düşəcək və beləliklə də həmin rəqəmin aşağı düşməsi labüddür.
İkinci qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, qeyd olunanlara görə, 2012-ci ildə Azərbaycanda templərin 2,4 faizə enməsi, neftin tükənməsi təhlükəsi yaranacaq. Amma Azərbaycanda tükənən neft olmayacaq. Azərbaycanda tükənən neftdən kənar sahəni qaldırmaqdan ötrü bizə lazım olan zamandır. Zaman neftdən də, hər şeydən də qiymətlidir. Ona görə hesab edirəm ki, rəqəmlər üzərində jonqlyorluğa deyil, zamanı itirmədən bilavasitə neftdən kənar sahələrin inkişafına diqqəti artırmaq lazımdır. Müsbət haldır ki, neft amilinin təsiri altında rəqəmlər aşağı düşüb. Xərclər 12 faizə enib, amma sosial xarakterli rəqəmlər əvvəlkindən də yuxarı qaldırılıb. Mən hesab edirəm ki, müsbət haldır. Hesab edirəm ki, bunu saxlamaq həddindən artıq vacibdir.
Qeyd etmək istədiyim məsələlərdən biri deputat həmkarlarımın burada qaldırdıqları məsələ ilə bağlıdır. Bütün Azərbaycan ictimaiyyəti bunu gözləyir. Batmış əmanətlər ilə bağlı hörmətli nazirimizin də fikrini burada eşitdik. Bu məsələ bilavasitə komissiyaya aid olduğuna görə qeyd etmək istəyirəm ki, 2008-ci il mayın 15-də Batmış əmanətlərin qaytarılmasına dair qanun layihəsi, həmin qanun qəbul edildikdən sonra “Dövlət borcu haqqında” Qanuna, Vergi Məcəlləsinə dəyişiklikləri əks etdirən sənədlər paketi işlənib hazırlanıb, komissiyaya təqdim edilib. Deputatlar tanış ola bilərlər. Üstündən 6 aydan çox vaxt keçdiyinə görə mən də öz variantımda işləyib xeyli dərəcədə təkmilləşdirmələr etmişəm.
Bir cəhəti də qeyd etmək istəyirəm. Büdcəyə görə, orta əmək haqqı 353 manata qalxacaq, amma büdcə təşkilatlarında çalışanların əmək haqqı bundan 2 dəfə az, yəni 187 manat olacaq. Hesab edirəm ki, bu aşağı rəqəmdir. Büdcə təşkilatlarında çalışanların əmək haqlarının qaldırılması istiqamətində növbəti addımların atılması çox vacibdir. Büdcə təşkilatlarında qalxan əmək haqqı gələn il 31 manat olacaqdır ki, bu da 3 kilo ət deməkdir. Bu da, hesab edirəm ki, həddindən artıq kiçik rəqəmdir. Müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət xadimlərinin əmək haqları...
Sədrlik edən. Təşəkkür edirəm, Əli müəllim. Bəxtiyar Əliyev.
B. Əliyev. Təşəkkür edirəm. Mən də deputat həmkarlarımın bu fikri ilə razıyam ki, Hesablama Palatasının Azərbaycan Respublikasının 2009-cu il büdcəsi haqqında rəyində də qeyd edildiyi kimi, bu qanun layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq çox yaxşı hazırlanıb, bizim müzakirəmizə verilib. Nəzərdən qaçırmaq olmaz ki, büdcəyə nəzarət Milli Məclisin səlahiyyətindədir. Ona görə də büdcə məsələsində biz böyük məsuliyyət daşıyırıq. Bəzən tənqidlərə geniş yer veririk, amma üzərimizə düşən işləri görmürük. Yəni büdcənin formalaşdırılması üçün qanunverici bazanın yaradılması, möhkəmləndirilməsində Milli Məclisin çox böyük zəhməti var. Ona görə də büdcənin bütövlükdə hazırlanması və uğurla həyata keçirilməsi üçün icra strukturları ilə, hökumətlə birgə Milli Məclis də gələcəkdə böyük işlər görməlidir.
Qısa bir faktı nəzərə çatdırmaq istəyirəm. 2003-cü ildən 2009-cu ilə qədər 1 milyard 221 milyonluq büdcədən biz 12 milyard 177 milyon manatlıq büdcəyə gəlib çatmışıq. Bu, əlbəttə, ölkədə uğurla həyata keçirilən iqtisadi və siyasi islahatların və siyasətin nəticəsidir. Əgər bu işlər görülməsə idi, həmin uğurlar da olmazdı. Bu gün pulun qazanılması nə qədər çətin olsa da, onun xərclənməsi bir o qədər də çətindir. Biz büdcəmizin sosial yönümlü olmasını daim diqqətdə saxlamaqla yanaşı, onun investisiya yönümlü olmasına diqqətimizi xeyli artırmışıq. Şübhəsiz ki, neft gəlirlərinin investisiya kimi Azərbaycan iqtisadiyyatının inkişafına qoyulması, qeyri-neft sektorunun inkişaf etdirilməsi çox müsbət haldır. Təqdim olunmuş qanun layihəsində də bunun nəzərə alınması, gələcəkdə bu siyasətin davam etdirilməsi, hesab edirəm ki, çox düzgün bir siyasətdir.
Sadə bir faktı da nəzərə çatdırmaq istəyirəm. Bu gün Azərbaycanda dünyanı narahat edən ərzaq təhlükəsizliyi məsələsi, demək olar ki, öz həllini tapmışdır. Bu, əlbəttə, Azərbaycan dövlətinin aqrar sahədə uğurla həyata keçirdiyi siyasətin nəticəsidir. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi də kifayət qədər uğurla bu siyasəti həyata keçirmişdir, həmin sahədə bizim çox böyük irəliləyişlərimiz vardır. Bu gün Azərbaycan rayonlarına gedəndə əkilməmiş bir qarış torpaq görmürük. Kəndlilərin və fermerlərin təsərrüfatlarının inkişaf etdirilməsi üçün dövlət başçısının fərman və sərəncamlarına uyğun olaraq onlara müəyyən qayğıların göstərilməsi nəticəsində bu işə müsbət əmək səbəbləri də yaradılmışdır. Əgər vaxtilə Azərbaycanda biz enerji qıtlığı ilə rastlaşırdıqsa, bu gün Azərbaycanda kifayət qədər enerji istehsal edilir, ölkənin öz tələbatı ödənilir. Yaxın ölkələrə də, xaricə də enerji satmaq üçün kifayət qədər imkanlarımız var. Bütün bunlar “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq həyata keçirilən siyasətdir. Növbəti dövrdə 2009-1013-cü illərdə regionların inkişafı üçün yeni mərhələyə qədəm qoyulacaq, keyfiyyətcə yeni siyasət də həyata keçiriləcəkdir.
Əlbəttə, burada əsas məsələ sahibkarlığın inkişafıdır, orta təbəqənin formalaşdırılmasıdır. Bu sahələrdə xeyli işlər görülmüşdür. İlk növbədə qeyd etməliyəm ki, bütün bu işləri görmək üçün infrastruktur yaradılmalıdır. Kommunikasiya xətləri, yol, nəqliyyat, qaz, su, telefon xətləri çəkilməli və sair işlər görülməlidir. Əgər bizim yaxşı yollarımız olmazsa, nəqliyyat sistemimiz yaxşı işləməzsə, digər kommunikasiya qurğularımız həyata keçirilməzsə nə turizmi inkişaf etdirərik, nə kənd təsərrüfatını, nə də bütövlükdə iqtisadiyyatımızı. Bu baxımdan dövlətin həmin sahəyə ayırdığı diqqət və siyasətin davam etdirilməsi, mənə elə gəlir ki, iqtisadiyyatımızın daha da güclənməsinə gətirib çıxaracaqdır.
Burada qeyd edildi, mən də bir təhsil işçisi kimi qeyd etmək istəyirəm ki, dövlət təhsilə, elmə çox böyük diqqət ayırır və təhsil sahəsində çox böyük islahatlar həyat keçirir. Bu islahatlar da hazırda uğurla davam etdirilir. Azərbaycanın Avropaya, dünya iqtisadiyyatına, dünya birliyinə inteqrasiya etməsi üçün təhsilin böyük rolu vardır. Ona görə də Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin bu sahədə gördüyü işləri müsbət qiymətləndirmək olar. Çünki dövlətin qəbul etdiyi proqramlar və islahatlar çox uğurla həyata keçirilir. Əlbəttə, burada görəcəyimiz işlər çoxdur və biz təhsilə, elmə nə qədər pul ayırsaq da, bu, kifayət etmir. Amma bu gün qoyulmuş məsələlər bizə belə bir nikbin nəticəyə gəlməyə əsas verir ki, ölkəmiz həmin sahədə öz imkanlarını daha da genişləndirəcəkdir. Deputatları büdcəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Mirkazım Kazımov. Növbəti çıxış İsa Həbibbəyli.
M. Kazımov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası, ölkəmizin dünya birliyinə, Avropa məkanına inteqrasiyası, siyasi xətti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla, davamlı şəkildə icra olunur. Bunun nəticəsidir ki, Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında son illər önəmli keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verir. Sürətli iqtisadi inkişaf, aparılan ciddi islahatlar, enerji daşıyıcılarının Avropa bazarına çıxarılması Azərbaycanı qloballaşan və maliyyə böhranı həddinə çatan dünyada lider dövlətə çevirmişdir.
Hörmətli nazirlər son dövrlərin uğurlarını əks etdirən çoxsaylı rəqəmləri və faktları öz çıxışlarında qeyd etdilər. Mən onları təkrarlamaq istəmirəm. Yalnız onu qeyd etmək istərdim ki, bütün bu möhtəşəm uğurlara Azərbaycan Prezidentinin məqsədyönlü və uzun müddətə yönəlmiş siyasəti nəticəsində nail olunmuşdur.
2009-cu ilin dövlət büdcəsi layihəsini hazırlayan iqtisadi blok qurumları böyük və hərtərəfli iş aparmış, büdcə zərfini yüksək səviyyədə tərtib etmişlər. Əlbəttə, sənədi hazırlayanlar möhtərəm Prezidentin gələn ilin dövlət büdcəsi ilə bağlı hökumətə verdiyi tapşırıqları, prinsipial hədəfləri əsas götürmüşlər. Bu hədəflər ilk növbədə ölkəmizin orta və uzunmüddətli prioritetlərini özündə əks etdirən iqtisadi kursun reallaşdırılmasına yönəlmişdir. Müzakirə etdiyimiz qanun layihəsində, digər sənədlərdə çox düzgün olaraq bu gün dünyada baş verən maliyyə böhranı nəzərə alınmaqla gələn ilin büdcə xərcləri cari ilin və keçən ilin büdcə xərclərinin artım sürətinə nisbətən aşağı faizlərlə proqnozlaşdırılır.
Növbəti ilin əsas maliyyə sənədlərində məqsədli və müxtəlif yönümlü dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üçün 5,4 milyard manat maliyyə vəsaiti nəzərdə tutulur. Bu vəsaitlərin böyük hissəsi regionların, rayon və şəhərlərin sosial-iqtisadi inkişafına, qeyri-neft sektoru müəssisələrinin yaradılmasına, səhiyyə, təhsil obyektlərinin, yolların, su xətlərinin çəkilməsinə, abadlıq işlərinin genişləndirilməsinə yönəldiləcəkdir. Minnətdarlıq edirəm ki, bu obyektlər sırasında deputatı olduğum Cəlilabad rayonunda salınacaq obyektlər və görüləcək işlər də vardır. Buna görə hökumətin iqtisadi qurumlarına öz təşəkkürümü bildirirəm.
Dövlət büdcəsi layihəsinin müsbət cəhətlərindən biri, cari ildə olduğu kimi, gələn il də aqrar sektora, kənd təsərrüfatına diqqət yetirilməsidir. Sahibkarlığın, aqrolizinqin inkişafına, fermerlərə, kənd təsərrüfatı məhsullarının digər istehsalçılarına kreditlər üzrə xərclər üçün ümumilikdə 130 milyon manat vəsait nəzərdə tutulub. Əhalinin rifah halının, onun maddi təminatının yüksəldilməsi, dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi kursun prioritet istiqamətini təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2009-cu ilin dövlət büdcəsində də sosial sahəyə xüsusi diqqət yetiriləcəkdir. Büdcə xərclərinin üçdə biri bu sahənin tələbatını ödəməyə yönəldiləcəkdir.
Hər il olduğu kimi, növbəti ildə də ordu quruculuğu məsələləri, silahlı qüvvələrimizin Avropa standartları səviyyəsinə, NATO tələblərinə yaxınlaşdırılması işləri davam etdiriləcəkdir. Bunlar büdcə sənədlərində öz əksini tapmışdır. Belə ki, dövlətin müdafiə potensialının gücləndirilməsi, sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi işlərini davam etdirmək üçün 2009-cu ilin dövlət büdcəsində tələb olunan məbləğdə vəsaitlər nəzərdə tutulur.
Büdcə zərfinə daxil olan sənədlərdən göründüyü kimi, gələn ildə və sonrakı illərdə hökumətin xüsusi diqqət yetirəcəyi sahələrdən biri də ətraf mühitin yaxşılaşdırılması işləri olacaqdır. Qarşıdan gələn illər sahə ilə bağlı tədbirlərin reallaşdırılmasına lazım olan həcmdə maliyyə vəsaiti ayrılacaqdır. Bunlar ilk növbədə kənd əhalisinin su təchizatı, meşələrin genişləndirilməsi və bərpası, istehsalat və məişət tullantıları ilə bağlı digər ekoloji tədbirlərdir.
Hörmətli millət vəkilləri, məndən öncə çıxış edən həmkarlarım da bu məsələyə toxundular. Mən də istərdim ki, bu məsələyə toxunum. Möhtərəm Prezidentimiz ötən il vergi sistemində, bu il isə gömrük sistemində “bir pəncərə” sisteminin tətbiqi barədə qərarlar qəbul etdi. Bu, ölkə ictimaiyyəti, sahibkarları və hətta dünya maliyyə qurumları tərəfindən çox ciddi və böyük uğurla qarşılandı.
Sədrlik edən. Təşəkkür edirəm. İsa Həbibbəyli. Hazırlaşsın Əhəd Abıyev.
İ. Həbibbəyli. Hörmətli sədarət, hörmətli millət vəkilləri və hökumət üzvləri! Mən də deputat həmkarlarımla tamamilə həmrəyəm ki, müzakirəmizə təqdim olunan 2009-cu ilin dövlət büdcəsinin layihəsi ölkəmizin Prezidenti cənab İlham Əliyevin illərdən bəri cəmiyyət həyatının müxtəlif sahələrində apardığı islahatların real nəticələrini özündə əks etdirir. Bu, Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda bərqərar olan davamlı inkişafın nəticələrinin bir bəhrəsidir.
Dövlət büdcəsinin müzakirəyə təqdim olunan layihəsində təhsil xərclərinin bir qədər də artırılması dünya təcrübəsində təhsillə əlaqədar özünü təsdiq etmiş bir reallığın Azərbaycanda nəzərə alınması deməkdir. Dövlət başçısının qayğısı sayəsində son illərdə bəlkə indiki qədər heç vaxt Azərbaycanda təhsil sahəsində infrastruktur layihələri həyata keçirilməmişdi. Bu özünün real nəticələrini cəmiyyət həyatının bütün sahələrində göstərir. Hesab edirəm ki, Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğunun sürətlənməsində, müstəqillik şüurunun dərinləşməsində, milli ziyalılıq kimi əhəmiyyətli bir anlayışın ciddi şəkildə formalaşmasında və nəhayət, informasiya cəmiyyətinin yaranmasında təhsil sahəsində son illər qazanılan uğurların özünəməxsus yeri, əhəmiyyətli payı və təsiri vardır. Sahənin əhəmiyyətini nəzərə alaraq mən elm və təhsil işçilərinə qayğını bir qədər artıraraq elmi dərəcələrə görə əmək haqlarının 2009-cu ilin büdcəsində nəzərdə tutulmasını da hökumətdən xahiş etmək istərdim.
Burada Naxçıvana ayrılan dotasiya barədə söhbət getdi. Başa düşmək və nəzərə almaq lazımdır ki, Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya heç də digər rayonlarda olduğu kimi, regionun sosial-iqtisadi inkişafına yox, Naxçıvanın düşdüyü vəziyyət ilə əlaqədar yönəlmiş bir siyasətin ifadəsidir. Naxçıvana ayrılmış dotasiya iqtisadi yardım, ümumiyyətlə, təkcə Naxçıvana yox, geniş mənada Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına və möhkəmlənməsinə hesablanmışdır. Naxçıvana ayrılmış dotasiya 16 ildən bəri Naxçıvanda hökm sürən blokadanın acı təzahürlərinin aradan qaldırılmasına yönəldilmiş bir tədbirdir. Mən heç arzu etmərəm ki, Azərbaycanın digər regionları da belə blokadaya düşsünlər.
Mən hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasını blokada vəziyyətindən çıxarmaq üçün indi ayrılmış dotasiya da tam yetərli deyildir. Blokadanı qəzetdən, kitabdan oxumaq ayrı şeydir, yaşamaq, onun çətinliklərini hiss etmək, fərqli cəhətlərini gündəlik yaşayışda başa düşmək tamamilə ayrı anlayışdır. Mən Naxçıvanın iqtisadi blokadadan çıxarılması istiqamətində dövlətimizin apardığı siyasəti geniş mənada Azərbaycanın ərazi bütövlüyünün qorunmasına yönəlmiş siyasətin düzgün ifadəsi kimi qiymətləndirirəm. Bu mənada mən Bakı–Tibilisi–Qars dəmir yolunun Naxçıvana qədər uzadılmasını yaxşı bir tədbir kimi dəstəkləyirəm və hesab edirəm ki, buna maliyyə vəsaiti ayrılsa, çox yerinə düşər. Naxçıvana uçan təyyarələr də köhnəlmişdir, istismar müddəti başa çatmışdır. Yeni təyyarələrin alınmasına və bu marşruta salınmasına böyük ehtiyac vardır. Mən dövlət büdcəsini dəstəkləyirəm. Bu, bizim tariximizdə bəlkə də böhrana dayanıqlı bir layihə kimi mühüm tarixi əhəmiyyətə malikdir. Bunu hazırlayanlar böyük iqtisadi hesablamalar aparıblar. Mən bu layihəyə məmnuniyyətlə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli cənab Sədr, millət vəkilləri, hökumət üzvləri! Çıxışımın əvvəlində bildirmək istəyirəm ki, Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin parlaq qələbəsi ölkəmizin vətəndaşlarını və dünya azərbaycanlılarını ürəkdən sevindirir. Hər birimizdə qüdrətli Azərbaycanın güclü vətəndaşı kimi qürur hissi doğurur. Bu seçki demokratiyanın əyani ifadəsi olmaqla, xalqımızın möhtərəm Prezidentimizə olan sonsuz məhəbbətinin, inamının təzahürüdür. Ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursunu yüksək səviyyədə və yeni keyfiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı son dövrlər Avroatlantik məkanın geosiyasi maraq dairəsinə çevirmişdir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz regionun söz sahibi olan dövlətidir.
Hörmətli millət vəkilləri, son illərin sosial-iqtisadi uğurlarının nəticəsi olaraq 2009-cu ildə dövlət büdcəsi layihəsi yüksək göstəricilərlə tərtib olunmuşdur. Sənədin hazırlanması zamanı regionların sosial-iqtisadi inkişafına dair dövlət başçısının tapşırıq və tövsiyələri əsas götürülmüşdür. Bölgələrdə sahibkarlığın sürətli inkişafı, yeni iş yerlərinin yaradılması, istismar müddətini keçmiş infrastrukturun bərpa olunması və yenidən qurulması kimi ölkə Prezidentinin ayrı-ayrı vaxtlarda hökumətə verdiyi tapşırıqlar da büdcə zərfində öz əksini tapmışdır. 2009-cu il dövlət büdcəsinin müsbət cəhətlərindən biri də bir neçə ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada birinciliyi saxlayan ölkəmizin gələn ildə də bu makroiqtisadi göstəricisi 19 faiz nəzərdə tutulmuşdur.
Son illər respublikamızın şəhər və rayonlarında yerli gəlirlərin müntəzəm şəkildə artması rayonlarda aparılan sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsinə, yeni istehsal sahələrinin yaradılmasına əyani sübutdur. Bu sahələrdəki qanunvericilik bazasının, vergi sisteminin möhkəmləndirilməsi və təkmilləşdirilməsi də uğurların əldə olunmasına xidmət edir. Fikirlərimin təsdiqi olaraq qeyd edim ki, dövlət büdcəsində yerli gəlirlərin artım tempi mərkəzləşdirilmiş gəlirlərin artım tempi ilə müqayisədə üstünlük təşkil edir. Əhalinin gəlirlərinin artmasını da xüsusilə qeyd etmək lazımdır, minimum əmək haqqının, pensiya və əmək haqlarının artması bu ilin 9 ayı ərzində adambaşına düşən pul gəlirlərinin 1700 manatadək, ümumi daxili məhsulun həcminin 3550 manatadək yüksəlişi qazanılan iqtisadi uğurların nəticəsidir. Növbəti ilin dövlət büdcəsi əvvəlki illərdəki kimi sosial yönümlü olmaqla yanaşı, investisiya tutumlu olacaqdır. Belə ki, qəbul edilmiş dövlət proqramına uyğun olaraq ölkədə yeni infrastrukturların yaradılmasına, o cümlədən sosial sahədə obyektlərin, təhsil, səhiyyə müəssisələrinin, mədəniyyət ocaqlarının, idman komplekslərinin tikintisinə, tarixi mədəniyyət abidələrinin bərpasına böyük həcmdə büdcə vəsaiti yönəldilmişdir. Yüksək səviyyədə inşa edilən müasir yollar, körpülər, yol ötürücüləri, ən əsaslı islahatlar bu sahədə aparılan quruculuq işlərinin bariz nümunəsi, dövlət başçısının qayğısı nəticəsində düşünülmüş iqtisadi sabitliyimizin uğuru kimi qiymətləndirilməlidir.
Cənab Prezidentimizin tapşırığına əsasən gələn il diqqət yetiriləcək sahələrdən biri də şəhərlərimizin və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sisteminin tam yenidən qurulması layihəsidir. Bu məqsədlə beynəlxalq maliyyə qurumlarının kreditlərinin və büdcədən ayrılan vəsaitin cəlb olunması nəzərdə tutulur. Fürsətdən istifadə edərək “Azərsu” Səhmdar Cəmiyyətindən və Maliyyə Nazirliyindən xahiş edirəm ki, seçildiyim, deputat olduğum Masallı şəhərində su təchizatı və kanalizasiya sistemi olmadığı üçün layihədə nəzərdə tutulan rayonlar sırasına Masallı da daxil edilsin.
Bu gün ölkədə asayişin və sabitliyin qorunmasında, hüquq mühafizə, xüsusilə daxili işlər orqanlarının fəaliyyəti diqqətəlayiqdir. Cari ildə bu sahələrdə çalışanların maddi təminatının yaxşılaşdırılması, həmin işlərin 2009-cu ildə də davam etdirilməsi büdcə layihəsində nəzərdə tutulur.
Hörmətli həmkarlar, mən çıxışımda xüsusilə qeyd etmək istəyirəm ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış və bu gün müzakirəyə çıxarılan büdcə layihəsi sanballı, hərtərəfli, yüksək səviyyədə, şəffaf tərtib edilmişdir. Prezidentin sosial siyasətinin reallaşmasında Dövlət Sosial Müdafiə Fondunun xidmətlərini qeyd etmək lazımdır. 2009-cu il dövlət büdcəsi zərfinin tərtib olunmasında Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin səyləri xüsusilə diqqətəlayiqdir. Dövlət büdcəsi haqqında geniş, hərtərəfli, yüksək səviyyədə hazırladığı rəyə görə Hesablama Palatasına təşəkkürümü bildirirəm. Cənab Sədr, Büdcə haqqında qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, hörmətli hökumət nümayəndələri, mətbuat təmsilçiləri! Artıq iki gündür və bundan öncə də komissiyaların birgə iclasında 2009-cu ilin büdcə layihəsi, büdcə zərfi kifayət dərəcədə təhlil olunub və həmkarlarım tərəfindən çox dəyərli fikirlər irəli sürülüb.
Mən də bu büdcə zərfini təhlil edərkən müqayisə üçün 2008-ci ilin büdcə zərfinə müraciət etdim. 2008-ci ilin büdcə zərfində qarşıdakı 3 il üzrə iqtisadi və sosial konsepsiyalar və proqnozlar göstəricisində 2009-cu il üçün layihələr nəzərdə tutulmuşdur. Bu müqayisə nəticəsində onu qeyd etmək istəyirəm ki, məhz bir il bundan öncə həmin sənədlərdə nəzərdə tutulan bütün layihələr büdcə zərfində nəzərə alınmışdır. Amma bu bir il ərzində dünyanın iqtisadi mühitində maliyyə böhranını nəzərə alsaq, mənə elə gəlir, buradan yalnız bir nəticə çıxarmaq olar ki, deməli, Azərbaycan iqtisadiyyatı məhz dünyada baş verən iqtisadi təlatümlərə qarşı dayanıqlıdır, mühafizə olunub. Büdcə layihəsinə də və ümumiyyətlə ölkənin iqtisadi modelinə də məhz bu faktdan qiymət vermək lazımdır.
Dünyada baş verən iqtisadi böhran barəsində burada danışıldı. Həmin böhranın nəticəsində bu gün bir çox klassik bazar iqtisadiyyatı ölkələrində görülən tədbirlər belə bir nəticəyə gəlməyə əsas verir ki, Adam Smit tərəfindən irəli sürülmüş “Bazar iqtisadiyyatı, azad rəqabət nəzəriyyəsi” bütün dərdlərin dərmanı deyildir. Buna analoji olaraq yeni bir nəzəriyyə də ortaya atılmışdır. Bu nəzəriyyə də fransız iqtisadçısı Ceyms tərəfindən irəli sürülmüşdür. Həyatda hər şey tənəzzülə gedə, orqanizm xəstələnə bilər. Əgər bazar iqtisadiyyatı xəstələnirsə, bəs onun müalicəsi hansı tərəfdən olmalıdır? Bu müalicə məhz dövlət tərəfindən, dövlətin bazar iqtisadiyyatına, bazar mühitlərinə lazımi qədər müdaxiləsi nəticəsində həyata keçirilməlidir. Mənə elə gəlir ki, bu gün dünyanın yaşadığı iqtisadi maliyyə böhranı da yaxın zamanlarda tarixin arxivinə çevriləcəkdir və onun qalıqları üzərində yeni bir iqtisadi inkişaf modeli bərqərar olacaq. Mən əminəm ki, həmin iqtisadi modeldə Azərbaycanın iqtisadi inkişaf modelinin ən yaxşı elementləri də öz əksini tapacaqdır.
Təmsil etdiyim aqrar sahə ilə bağlı hörmətli həmkarlarım, demək olar ki, bütün əsas fikirləri söylədilər. Mənə elə gəlir ki, məhz burada da dövlətin, hökumətin iqtisadiyyata, aqrar sahəyə son illərdə müdaxiləsi, subsidiya siyasəti nəticəsində ölkədə aqrar sahənin inkişafı artıq göz önündədir. Əgər bir neçə il əvvəl aqrar sahədə inkişaf yalnız 1 faiz, ən yaxşı halda 7 faiz görünürdüsə, bu ilin 9 ayının nəticələrinə görə aqrar sahədə inkişaf artıq 10 faizi keçmək üzrədir. Lakin mənə elə gəlir ki, bu sahədə çox böyük perspektivlər var. Hökumət bu sahədə çox mühüm addımlar ata bilər.
Həmkarlarımın bir çoxunu narahat edən ümumi daxili məhsulun həcmində qeyri-neft sektorunun payının artırılması istiqamətində mühüm potensial var. Belə bir sahəni məhz üzümçülük hesab edirəm. Mənə elə gəlir ki, üzümçülüklə bağlı xüsusi dövlət proqramı qəbul edilməlidir. Xatırlatmaq istəyirəm ki, məhz üzümçülük Azərbaycan Sovet Sosialist Respublikası dönəmində ümumi daxili məhsulun 26 faizini verirdi. Mənə elə gəlir ki, aqrar sahənin yeni potensialının üzə çıxması üçün kooperasiya işinin həyata keçirilməsi çox mühümdür. Burada da dövlətin müdaxiləsinə böyük ehtiyac var. Mühüm amillərdən biri də artıq aqrar sahədə, kənd yerlərində formalaşan kiçik kənd banklarıdır. Mən hökumətdən xahiş edirəm ki, bu bankların kredit ittifaqlarının gələcəkdə dayanıqlı olaraq fəaliyyət göstərməklə aqrar sahənin inkişafına təkan verməsi üçün mütləq bunlara maliyyə təminatı lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Çox sağ olun. Cənab Sədr, hörmətli deputatlar, hökumət nümayəndələri! Doğrudan da, müzakirəyə təqdim olunan sənəd çox sanballı bir sənəddir. Bu gün Azərbaycan iqtisadiyyatının real vəziyyətinə tamamilə uyğun tərtib olunub. “Büdcə sistemi haqqında” Qanunun tələblərinə müvafiq tərtib olunub və ən başlıcası isə bu gün büdcə tərtib olunması istiqamətində mövcud metodologiyanın tələblərinə tamamilə uyğundur. Vaxtın az olmasından istifadə edərək mən konkret bir-iki məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm.
Birinci növbədə büdcənin xərcləri ilə bağlı danışmaq istəyirəm. Büdcənin xərcləri çox tənqidlərə məruz qaldı. Hesab edirəm ki, bunlar tamamilə əsassızdır. Sadəcə, bir balaca dünya ölkələrinin təcrübəsinə, iqtisadi nəzəriyyəyə müraciət etmək, ümumiyyətlə, iqtisadiyyatla bağlı bilikləri artırmaq lazımdır ki, burada səslənən bəzi suallara, bəzi iradlara elə onların özləri cavab versinlər. Mən bir məsələni demək istəyirəm. Büdcə xərclərinin həcmi, hesab edirəm ki, tamamilə kifayətləndirici bir rəqəmlə ifadə olunub və onun bölgüsü də tamamilə optimal çərçivədədir. Qeyd olundu ki, büdcəmiz təmkinli bir büdcədir. İqtisadi leksikonda belə bir söz yoxdur. Amma mən deyərdim ki, büdcə çox realdır, etibarlıdır, təminatlıdır, həm də dayanıqlıdır. Dünya iqtisadiyyatında, dünya bazarında baş verən hər hansı bir situasiyanın bizim büdcənin yerinə yetirilməsinə elə bir ciddi təsiri olmayacaq. Tamamilə real bir büdcədir. Müqayisə eləyək, Azərbaycanın 2009-cu il üçün nəzərdə tutulan büdcə xərcləri Ermənistanın bütünlükdə 2009-cu ildə məcmu daxili məhsulundan 3 milyard dollar çoxdur. Biz həmişə faizlərlə hesablayırıq və yaddan çıxarırıq ki, faizlərlə hesabatların arxasında natural rəqəmlər də var. Əldə olunmuş səviyyəyə görə faiz hesablanılır. Bir şeyi də unuduruq ki, iki faizli artım olan yerdə mütləq iki faizli inflyasiya olmalıdır. Bu tamamilə qanunauyğun bir prosesdir. Biz bəzən iqtisadiyyatın obyektiv inkişaf qanunauyğunluqlarını, meyillərini nəzərə almırıq, illüziyaya qapanırıq və öz fikrimizi arzularla ifadə edirik və büdcə haqqında fikir söyləyirik. Belə yanaşma düzgün deyil. Bu barədə dəyirmi masa keçirmək fikrindəyik, orada ətraflı bunu müzakirə edəcəyik, amma indi yeri deyil.
Elm və təhsil xərcləri ilə bağlı, hesab edirəm ki, mövcud resurslar baxımından yetərincə vəsait ayrılıb. Azərbaycan təhsilinin, elminin inkişafı üçün lazımi qədər vəsait ayrılıb. Elm xərcləri 105 milyon manat həcmindədir. Amma digər mənbələr də elmin inkişafına xidmət edir. Eyni zamanda, təhsil, tətbiqi elm sahələri üçün də 4 milyon manatdan çox vəsait ayrılıb. Amma bir məsələni keçən dəfə müzakirələrdə də dedim. Əlamətdar bir hadisədir, ilk dəfədir ki, təhsil xərcləri artıq müdafiə xərclərindən də yüksəkdir. Bilmirəm, mən bunu müsbət hal kimi qiymətləndirim? Əlbəttə, qiymətləndirmək lazımdır. Amma müharibə şəraitində olan bir ölkə üçün müdafiə xərclərinin artırılmasına çox ciddi ehtiyac var. Hörmətli həmkarlarımın nəzərinə çatdırmaq istəyirəm ki, ümumiyyətlə, müdafiə ilə bağlı, hərb ilə bağlı olan məsələlər barəsində danışarkən bir qədər ölçüb-biçilmiş fikir söyləmək lazımdır.
Hörmətli Sədr, mən artıq üç ildən çoxdur ki, büdcə müzakirə olunarkən elmi dərəcələrə görə verilən əmək haqqının artırılmasını təklif edirəm və bu il də bunu səsləndirmək istəyirəm. Yenə də təkrar edirəm, veriləcək artımın həcmindən asılı olaraq bu məqsəd üçün cəmisi 22-70 milyon arasında vəsait lazımdır. Mən hesab edirəm ki, bunun çox yüksək mənası olardı.
Nəhayət, bir təkliflə fikrimi qurtarmaq istəyirəm. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafında, lider ölkəyə çevrilməsində, şübhəsiz, iqtisadiyyatımız, iqtisadi inkişafımız çox önəmli rol oynayır. Bu iqtisadi inkişafın təmin olunmasında, mən deyərdim ki, yüzlərlə, on minlərlə, yüz minlərlə iqtisadçının çox ciddi əməyi var. İqtisadçı bir peşədir, sahə deyil, bəziləri bunu sahə kimi qiymətləndirir. Mən təklif edirəm ki, əgər mümkündürsə, hökumətin nümayəndələri də buradadırlar, iqtisadçıların peşə bayramının müəyyən olunması barədə Milli Məclis qərar qəbul etsin. Eyni zamanda, əvvəllər mövcud olmuş “Əməkdar iqtisadçı” adının təzədən bərpa olunması haqqında da qanun qəbul edilsin. Bu bizim çox dəyərli alimlərimizə, işçilərimizə, menecerlərin fəaliyyətinə verilmiş ciddi qiymət olardı, eyni zamanda ciddi bir motivasiya yaradardı. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sabah iclasımıza Əhməd müəllimin çıxışı ilə başlayacağıq. Çox sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi