2009-ci il 2 fevral tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  103

Milli  Məclisin  iclas  salonu.
2  fevral  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

B. Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
F. Eminov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini.
Ş. Quliyev, Azərbaycan Arıçılar İttifaqının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
2. Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
3. Azərbaycan Respublikası Milli Məclisinın Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
4. Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
5. “İmmiqrasiya haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Arıçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
7. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisinin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
4. “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
5. “İmmiqrasiya haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Arıçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                             O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2  fevral  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Milli Məclisin 2009-cu il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli millət vəkilləri, yaz sessiyasının açılışı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir və bu sessiyada qanunvericilik fəaliyyətinizdə sizə uğurlar arzulayıram! Bildiyiniz kimi, bu sessiyada bizi gərgin iş gözləyir. Bir sıra vacib qanun layihələrini müzakirə edəcəyik. Konstitusiyada və müvafiq qanunlarda nəzərdə tutulduğu kimi, Milli Məclis tərəfindən dörd hesabat qəbul olunacaq – Azərbaycan Respublikası hökumətinin hesabatı, Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin hesabatı və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatı. Bundan əlavə, 2008-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələnin müzakirəsi üçün, yəqin ki, may ayında Milli Məclisin iclası çağırılacaq.
Bildiyiniz kimi, Milli Məclisin qərarı ilə mart ayının 18-də ümumxalq referendumu nəzərdə tutulub. Milli Məclis bu referendumun təşəbbüsçüsüdür və mən bütün millət vəkillərindən xahiş edirəm ki, referenduma hazırlıq işində də fəal surətdə iştirak etsinlər.
İnanıram ki, Milli Məclisin yaz sessiyasında qəbul edəcəyimiz qanunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi böyük quruculuq işlərinə çox böyük kömək və yardım göstərəcəkdir.
Hörmətli millət vəkilləri, gündəlik üzrə işə başlamazdan qabaq bir məsələyə toxunmaq istəyirəm. Bizim bir çox millət vəkilləri tərəfindən müraciət daxil olub ki, Rusiyanın Ermənistana 800 milyon dollar həcmində silah verməsi barədə məsələ gündəliyə daxil edilsin. Bildiyiniz kimi, bu məsələ üzrə artıq Xarici İşlər Nazirliyi öz iradlarını Rusiya Xarici İşlər Nazirliyinə bildirib. Bu haqda bir neçə dəfə telefon söhbətləri gedib. Bu yaxınlarda Azərbaycan Respublikasının müdafiə naziri Rusiya Federasiyasının müdafiə naziri ilə görüşüb, bu ətrafda söhbətlər olub. Mən hesab edirəm ki, bu məsələ Milli Məclisin də diqqət mərkəzində olmalıdır. Bizim Milli Məclisdə Rusiya parlamenti ilə birgə komissiya və Azərbaycan–Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Mən belə təklif edərdim ki, indi biz tələsik bir qərar qəbul eləməyək, ilk öncə öz həmkarlarımızı Rusiyaya ezam eləyək. Həmkarlarımız söhbətlərini aparsınlar. Bu söhbətlərin nəticəsində məsələni sonra gündəliyə çıxaraq. Etirazınız yoxdur?
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 106
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli deputatlar, gündəlik hamınıza paylanıb. Amma xahiş edirəm, komissiyada “Qiymətli kağızlar haqqında” məsələnin gündəlikdən çıxarıldığını nəzərə alasınız.
Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac var? Xahiş edirəm, müzakirələrə yazılın. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının işə başlaması münasibətilə hörmətli sədarəti və hörmətli millət vəkillərini təbrik edirəm. Hesab edirəm, yaz sessiyasında qəbul edəcəyimiz normativ aktlar Azərbaycan dövlətinin, Azərbaycan millətinin mənafelərini əks etdirəcək və biz Azərbaycan cəmiyyətinin inkişafı üçün gərəkli qanunlar qəbul edəcəyik.
Mən gündəliyə baxdım və yaz sessiyasının qanunvericilik işləri planında “Siyasi partiyalar haqqında” Qanunun adına yenə rast gəlmədim. Çox təəssüf ki, hər sessiyanın əvvəlində “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsinə ehtiyac olması barədə məsələ qaldırılmasına baxmayaraq, nədənsə bu qanun müzakirəyə çıxarılmır. “Siyasi partiyalar haqqında” Qanunun müzakirəyə çıxarılmasına mane olan nədir? Çox təəssüf ki, biz bunun səbəbini bilmirik. Buradakı deputat həmkarlarımızdan da qanuna əlavə və dəyişikliklərlə bağlı təkliflər daxil olub. Müxtəlif dönəmlərdə bu səsləndi. Bu gün mövcud olan əlaqədar komissiyalardan birinə həvalə olunsaydı, Siyasi partiyalar haqqında qanun işlənib hazırlanardı.
Xatırladım ki, Avropa Şurasının üzvü olan dövlətlərdən heç birində “Siyasi partiyalar haqqında” Qanun Azərbaycandakı kimi, 1992-ci ildən qalmayıb və sonrakı dönəmlərdə edilmiş əlavə və dəyişikliklər nəticəsində fəaliyyət göstərmir. Uzun illərdir, “Siyasi partiyalar haqqında” Qanun Azərbaycanda iki vərəqin üzərində qalmış bir qanun çərçivəsində fəaliyyət göstərir. Azərbaycanda yeni bir dövr başlayıb. 1992-ci ildə Avropa Şurasına getmək barədə hələ düşünmürdük, amma ondan sonrakı olaylar Azərbaycanda ictimai situasiyanı tamamilə dəyişib. Azərbaycan Avropa Şurasının üzvü kimi “Siyasi partiyalar haqqında” Qanuna ciddi dəyişiklik etməlidir.
Bu məsələdə niyə belə israrlıyam? Çünki bu şəkildə davam etdikcə siyasi partiyaların cəmiyyətdə önəmi azalır, siyasi partiyaların proseslərdən kənarda saxlanması nəticə etibarilə siyasi institutların Azərbaycanda zəifləməsinə gətirib çıxarır. Buna görə hesab edirəm, “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb qəbul edilməlidir.
O cümlədən Qarabağ məsələsi burada ciddi şəkildə müzakirə olunmalıdır. 8 il bundan əvvəl 23–24 fevral tarixində Qarabağ məsələsi müzakirə olunub. 8 ildə Azərbaycan hakimiyyətinin nə iş gördüyünü biz burada indiyə qədər bilmirik. Biz burada millət vəkili olaraq mütəmadi mətbuatdan oxuduqlarımızdan, oradan-buradan eşitdiklərimizdən yox, konkret olaraq səlahiyyətli qurumların hesabatlarından bilməliyik ki, problem niyə həll olunmur, 8 ildə hansı danışıqlar gedir, hansı səviyyədədir, niyə bu problem yerindən tərpənmir, bizdən nə istəyirlər? Buna görə...
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibətilə millət vəkillərini təbrik edirəm. Məndən öncə çıxış edən deputat həmkarımın “Siyasi partiyalar haqqında” Qanun barədə fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanuna yenidən baxış ona görə keçirilmir ki, siyasətin siyasi partiyalar vasitəsilə formalaşmasına maraq yoxdur. Siyasətin daha çox bürokratik mexanizmlərlə öz mövcudluğunu sürdürməsinə maraq var. Bu mexanizm siyasi partiyaların kənarda saxlanması üçün düşünülüb. Ona görə müzakirəyə çıxarılmır.
İkinci, mən iki məsələ ilə bağlı Milli Məclisin qapalı iclasının keçirilməsini təklif edirəm. Birincisi iqtisadi böhranla bağlı məsələdir. Artıq dünyanı iqtisadi böhran bürüyüb. Sanki Azərbaycan ayrıca bir adada yerləşir və Azərbaycana heç nəyin təsiri yoxdur. Amma artıq iş yerləri ixtisara düşür, maaşlar azalır. Qeyri-qanuni şəkildə vətəndaşların müəssisələrinə və obyektlərinə müəyyən hücumlar artıq özünü göstərməkdədir. Bu tendensiyanın qarşısı alınmasa, yoxsulluq ölkədə daha yüksək səviyyəyə qalxacaq. Ona görə də, məncə, müvafiq orqanlar Milli Məclisdə ən azı qapalı iclasda ölkənin iqtisadi durumu, hara getdiyimiz, bu böhrandan necə çıxacağımız barədə millət vəkillərinə müəyyən məlumat verməlidirlər ki, bizim də gedən proseslərdən daha dəqiq məlumatımız olsun.
İkincisi Qarabağ məsələsidir. Oqtay müəllim, təklifinizi mən də dəstəkləyirəm ki, komissiya Rusiyada həmkarları ilə danışıq aparsın. Bu bir məsələ. Məncə, Ermənistana silah verilməsi məsələsinə də qapalı iclasda Qarabağ məsələsinin müzakirəsi kontekstində baxa bilərik. Bu ondan ayrı götürülən məsələ deyil. Davosda da müəyyən mənada müzakirəyə çıxarıldı, başqa yerlərdə də çıxarılır. Həqiqətən də, millət vəkillərinin danışıqların məzmunu barədə ətraflı məlumatı yoxdur. Ağıl ağıldan üstündür. Hər halda fikirlərin səslənməsi işimizə daha böyük xeyir verə bilər.
Üçüncü, mən referendumla bağlı məsələyə toxunmaq istəyirəm. Son vaxtlar referendumla bağlı təbliğat kampaniyasında müxalifətdən olan nümayəndələr arasında həbs olunanlar var. Məncə, dövlət böyük miqyaslı bir tədbir keçirəndə belə epizodik, kiçik detallarla həmin tədbirə kölgə salmamalıdır. Mən onların hansı bəhanə ilə tutulmasından asılı olmayaraq, həbsdən azad olunmasını təklif edir və istəyirəm ki, bu referendum, həqiqətən də, bir barışıq fonunda baş tutsun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Mən öz çıxışımın əvvəlində mətbuatı parlamentdə təmsil edən jurnalistlərə təşəkkür etmək istəyirəm. Parlamentin işini işıqlandıran jurnalistlər mənim də fəaliyyətimi parlamentdə öz seçicilərinin problemlərindən daha çox danışan deputatlar sırasında qeyd ediblər. Bəlkə də Az.TV digər deputatlar kimi, bizim də, yəni müxalifətdən olan deputatların da fəaliyyətini televiziyada işıqlandırsaydı, mən parlamentdə akkreditasiya olunmuş jurnalistlərin bu ənənəvi tədbirinə ayrıca çıxış həsr etməzdim. Təəssüflər olsun ki, televiziyamız öz köhnə ənənəsinə keçən il də sadiq qaldı. Əvvəlki illərdə olduğu kimi, keçən il də televiziyada nəinki bizim çıxışlarımız işıqlandırılmadı, əksinə, bizim görüntülərimizin verilməsinə də müəyyən məhdudiyyət qoyuldu. Təəssüflər olsun ki, bu vəziyyəti aradan qaldırmaq üçün göstərdiyimiz səylər nəticəsiz qaldı. Əksinə, Milli Məclisin işini işıqlandıran bəzi mətbuat orqanları da bu yolu tutdular. Bu yaxınlarda Milli Məclisin deputatlarına Milli Məclisin jurnalı paylanıb və axırıncı nömrədə, həmçinin bundan əvvəlki nömrədə nəinki bizim fəaliyyətimiz haqqında bir cümlə də işlədilməmiş, əksinə, buradakı çoxsaylı şəkillərin içərisində bizim şəkillərimizin verilməsinə də məhdudiyyət qoyulmuşdur. Bir və ya iki yerdə elə şəkil verilmişdir ki, mikroskop altında bu şəklin kimə aid olduğunu müəyyən etmək mümkündür.
Hörmətli mətbuat nümayəndələri, təbii ki, bizə, yəni parlamentdə müxalifət nümayəndələrinə bu münasibət sizə də aydındır. Amma buna baxmayaraq, siz hər il olduğu kimi, bu il də deputatların fəaliyyətinə obyektiv qiymət verməyə çalışdınız. İşləyən və ya işləmək istəyən deputatları qiymətləndirməklə, fərqləndirməklə cəmiyyətə önəmli bir mesaj verdiniz. Biz sizə özümüzün dərin təşəkkürümüzü bildirir, indiki ağır şərtlər altında olan fəaliyyətinizdə sizə uğurlar arzulayırıq. Ümid edirik ki, qarşıdakı bayramlar, xüsusilə Novruz bayramı ərəfəsində həbsxanadakı jurnalist həmkarlarınız da azadlığa buraxılacaqdır.
Qısa da olsa, yerlərdə referendumla bağlı yaranmış ağır vəziyyətə də toxunmaq istəyirəm. Etiraf eləyim ki, yerlərdə imza toplanması ilə əlaqədar yaradılmış indiki ağır vəziyyətə oxşar halı mən keçən 15 il müddətində 1995-ci ildə müşahidə eləmişəm. O vaxt parlamentə namizəd kimi topladığım və dairə seçki komissiyalarında mənim iştirakımla yoxlanılaraq qeydə alınan imza vərəqələri hamının gözü qabağında cırılıb atıldı. Təəssüflər olsun ki, oxşar hərəkətlər 14 il sonra yenidən təkrar edildi. Referendumla bağlı təşəbbüs qruplarının yaradılması üçün imza toplanması mərhələsi ciddi qanun pozuntuları ilə başa çatdı. İnsanların imza vermələrinin qarşısını almaq üçün mətbuatda dəfələrlə səsləndirilmiş çox əcaib metodlardan istifadə edildi. Yerlərdə baş verənlər bir daha sübut etdi ki, müxtəlif səviyyəli icra orqanlarının seçki və yaxud referendum keçirilməsinə qanunsuz müdaxiləsinin qarşısını almaq üçün ölkədə çox ciddi islahatlara ehtiyac var. Xüsusilə də seçki komissiyaları iqtidarın nəzarətindən çıxarılmalı, iştirakçı tərəflərin etimad göstərdiyi tərkibdə təşkil edilməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən, əvvəla, seçicilərimin mənə həvalə elədiyi iki məsələni Milli Məclisin diqqətinə çatdırmaq istəyirəm. Bunlardan birincisi odur ki, böhran dövrünü nəzərə alaraq və istər əhalinin istehlak vəziyyətini, istərsə də istehsalla bağlı sahələrdə çox ciddi pisləşmə hallarının olduğunu nəzərə alaraq, rayonlarda elektrik enerjisinin və yanacağın qiymətinin məqbul həddə qədər, – təklif olunur iki dəfə, – aşağı salınması məsələsi müvafiq icra orqanları tərəfindən həll olunsun. Müsavat deputat qrupunda bunu müzakirə edərkən mənim həmkarın Arzu Səmədbəyli bildirdi ki, onların partiyasında bu müzakirə gedib. Bütövlükdə bu məsələnin respublikanın bütün əhalisinə, vətəndaşlarına şamil olunması doğru sayılıb. Bu, ciddi məsələdir. Hər halda bu məsələnin müzakirə edilib qiymətin yenidən hesablanmasına ehtiyac vardır.
İkincisi, seçicilərim Türkiyənin Baş naziri cənab Ərdoğanın “Qarabağ məsələsində Türkiyə Azərbaycanı yalnız qoymayacaq” bəyanatını təqdirlə qarşıladıqlarını bildirib və son günlər Davosda gedən kampaniya ilə bağlı müəyyən dairələrin Türkiyə əleyhinə olan hücumları zamanı da Azərbaycanın Türkiyəni yalnız qoymayacağı barədə fikrin Milli Məclisdə səsləndirilməsini məndən xahiş ediblər.
Nəhayət, üçüncü məsələ referendumla bağlı məsələdir. Çox təəssüf ki, elə imza toplama kampaniyası bu referendumun Azərbaycanda demokratiyaya yox, antidemokratiyaya, avtoritarizmə xidmət edəcəyi barədə söylədiklərimizi anındaca doğrultdu. Mən hörmətli həmkarımın dediklərinə bir düzəliş də eləmək istəyirəm. 1990-cı ildən sonra Azərbaycanda siyasi vəziyyət, müxalifət üçün yaranmış situasiya, reqressiv vəziyyət heç vaxt bu şəkildə olmamışdır. Mənim dairəmdə iki nəfər cibinə narkotik qoyularaq, imza toplamaq kampaniyası ilə bağlılığı heç bir şübhə doğurmayan bir şəraitdə həbs edilmişdir. Son 20 ildə ikinci dəfədir ki, belə bir hal baş verir. Sabirabadda son 3 ildə, 2005-ci ildən sonra 2 nəfər yüksək vəzifəyə, yəni icra başçısı və polis rəisi vəzifələrinə təyin olunub və bir də mən deputat seçilmişəm. Bu hadisələrin təhqiqi zamanı məlum oldu ki, Sabirabadda, həqiqətən, narkotiklə bağlı vəziyyət olduqca pisləşibdir. Mən buradan bəyanat verirəm ki, bu vəziyyətin pisləşməsi üçün ya icra başçısı Heydər Abbasov məsuliyyət daşıyır, ya polis rəisi bu narkotik kampaniyasının, daha doğrusu, bu narkomafiyanın başında durur, ya da deputat Pənah Hüseyn. Müvafiq orqanlardan, prokurorluqdan, təhlükəsizlik orqanlarından xahiş edirəm ki, bu məsələləri ciddi şəkildə araşdırsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də yaz sessiyasının başlanması münasibətilə hamınızı təbrik edirəm. Parlament jurnalistlər birliyinə mənim də fəaliyyətimi qiymətləndirdiklərinə görə öz minnətdarlığımı bildirirəm.
Oqtay müəllim, mən təklif edirəm ki, bizim bugünkü gündəliyə bir neçə məsələ daxil edilsin. Məsələlərdən birini məndən öncə çıxış edən həmkarlarım qaldırdılar. “Siyasi partiyalar haqqında” Qanun gündəliyə daxil edilsin və biz bu qanunu müzakirə edək.
İkincisi, Sizin də söylədiyiniz kimi, qarşıdan referendum gəlir və mən istəyirəm ki, bu referenduma qədər biz Mərkəzi Seçki Komissiyasını tam tərkibdə formalaşdıraq. Ona görə ki, azlıqda qalan partiyalar üçün ayrılmış bir yer boş qalır, bir yer də bitərəflərin və azlıqda qalan partiyaların nümayəndələri ilə razılaşdırılmalıdır. Yəni hazırda Mərkəzi Seçki Komissiyasında iki yer boşdur. Bu isə qanunun tələblərinin yerinə yetirilməməsi deməkdir. Biz Milli Məclis olaraq öz vəzifəmizi yerinə yetirməliyik. Mən Milli Məclisi buna çağırır və təklif edirəm ki, bu məsələ Milli Məclisin gündəliyinə salınsın.
Üçüncü məsələ məndən öncə də qeyd olundu. Bu, sosial-iqtisadi vəziyyətlə bağlı olan məsələdir. Biz növbəti iclasda bu məsələni mütləq müzakirə etməliyik. İş o yerə çatıb ki, hətta dünyanın iqtisadi nəhəngi olan Amerika Birləşmiş Ştatlarının Prezidenti dünən bunu bir iqtisadi böhran kimi yox, davam etməkdə olan fəlakət kimi qiymətləndirib və artıq senata müraciət edib ki, vəziyyətdən çıxmaq üçün astronomik bir məbləğdə, yəni 819 milyard dollar məbləğində yardım ayrılsın. Bizim hökumət vəziyyətdən çıxmaq üçün nə qədər yardım ayırır, hansı işlər görür? Əlbəttə, biz televiziyada cənab Prezidentin keçirdiyi müşavirəni izlədik. Amma hesab edirəm ki, Milli Məclis bu məsələdə kənarda qalmamalıdır. Artıq Azərbaycanın ən aparıcı şirkətlərində ixtisarlar başlayıb. Bizim Həmkarlar İttifaqları Konfederasiyasının sədri hörmətli Səttar müəllim də burada əyləşib. Mən hesab edirəm ki, hökumətin və konfederasiyanın iştirakı ilə bu məsələ müzakirə olunmalıdır. Biz gözləməməliyik ki, vəziyyət son, kritik həddə gəlib çatsın, ondan sonra radikal istiqamətdə tədbirlər görək. Ona görə də təklif edirəm ki, biz növbəti iclasımızda bu məsələni gündəliyə daxil edək və müzakirə edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də qarşıdakı sessiyada parlament üzvlərinin hər birinə millətimizin qarşısında dayanan vəzifələri həyata keçirməkdə uğurlar arzulayır və can sağlığı diləyirəm.
Cənab Sədr, məndən öncə çıxış edənlərin referendumla bağlı fikirləri səslənmiş oldu. Özümə borc bilirəm ki, mən də bu barədə düşündüklərimi burada səsləndirim. Məsələ ondadır ki, bunların referendumla bağlı etirazı ümummilli etiraza çevrilməyəndən və cəmiyyətdə dəstəklənməyəndən sonra imza toplanması qeyri-mümkün olduğundan müxtəlif bəyanatlarla yenə hakimiyyəti suçlandıracaqları gözlənilən idi. Mən istisna etmirəm ki, haradasa hansısa məmurla yerli bir anlaşılmazlıq və ya ciddi bir fikir toqquşması və sair olub. Amma bu həmin qüvvələrin referendumla bağlı indiki gedişata bütövlükdə bu şəkildə münasibət bildirməsinə əsas vermir. Məsələ ondadır ki, bu qüvvələr bir məsələni qarışdırırlar. O da ondan ibarətdir ki, referendum hakimiyyət uğrunda mübarizə arenası və ya prosesi deyil. Bu, xalqın konkret bir məsələyə münasibət bildirməsi üçündür. Bunların referendum ətrafında apardığı kampaniya bizə əsas verir ki, Seçki Məcəlləsinə bir əlavə edək. Biz bu Məcəlləni qəbul etdiyimiz dövrdə imzaların toplanması zamanı saxta imzalardan istifadə halları üçün məsuliyyət müəyyənləşdirən müddəanı ora daxil eləməmişik. Mən təklif edirəm ki, cənab Sədr, biz bunu nəzərə alaq. Çünki praktikada görürük ki, bunlar ən müxtəlif adlardan istifadə edərək bu imzaları toplamağa çalışırlar. Sonra vətəndaş imzanın ona məxsus olmadığını bildirib ondan imtina edəndə bunu hakimiyyətin sifarişi və sair kimi qələmə verib, antihakimiyyət mübarizəsində arqumentə çevirməyə çalışırlar.
İkinci, cənab Sədr, bu il yanvarın 1-dən xarici radiostansiyaların milli tezlikdə yayımlanması dayandırıldı. Lakin bu həmin radioverilişlərin dayandırılması anlamına gəlmir. Təbii ki, onlar fəaliyyətlərini davam etdirirlər. Yeri gəlmişkən deyim ki, onların ən çox dəvət etdikləri insanlardan biri mənəm. Amma özümü bu sözü deməkdən saxlaya bilmirəm ki, bu ətrafda Azərbaycanda media azadlığının boğulması və sair kimi epitetlərlə aparılan mübarizənin heç bir əsası yoxdur. Necə olur ki, türk kanallarının, bizə doğma sayılan kanalların bağlanmasını sükutla qarşılayanlar RTR və ORT-nin bağlanmasını demokratiyanın tapdalanması kimi qələmə verirlər? Elə çıxır ki, demokratiyanı təmsil edən ancaq bu kanallardır. Həqiqət isə yalnız bundan ibarətdir ki, sadəcə olaraq, “Teleradio yayımları haqqında” Qanunun müddəası işə düşmüşdür. Ona görə hesab edirəm ki, bu...
Sədrlik edən. Sağ olun. Əli Əhmədov buyursun.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də Azərbaycanın Milli Məclisinə növbəti sessiyada səmərəli fəaliyyət arzu edirəm və inanıram ki, doğrudan da, Milli Məclisin bu sessiyadakı fəaliyyəti kifayət qədər səmərəli və tarixi əhəmiyyət daşıyan bir fəaliyyət olacaqdır. Mən Milli Məclisin sessiyasında nəzərdən keçiriləcək, müzakirə olunacaq məsələlərin hər birini kifayət qədər əhəmiyyətli, zəruri hesab edir və bunların hamısının Milli Məclisin gündəliyinə daxil olunmasını tamamilə məntiqli sayıram.
Bu gün, fevral ayının 2-si Azərbaycanda Gənclər günüdür və mən böyük bir məmnuniyyətlə Azərbaycanın bütün gənclərini təbrik eləmək istəyirəm. Azərbaycan bu yaxınlarda elan olunduğu kimi, əhalisinin tərkibinə görə Avropanın ən gənc dövləti və ölkəsidir. Hesab edirəm ki, Azərbaycanın layiqli gəncliyi formalaşıbdır və Azərbaycanın əhalisi tam arxayın ola bilər ki, bizi, bugünkü nəsilləri əvəzləyə biləcək çox layiqli gənclərimiz yetişibdir. Mən onlara möhkəm can sağlığı və Azərbaycanın inkişafı naminə səmərəli fəaliyyət arzu edirəm.
Hörmətli Oqtay müəllim, Sizin də qeyd elədiyiniz kimi, Azərbaycanın Milli Məclisi ölkəmizdə referendumun keçirilməsi ilə əlaqədar çox tarixi əhəmiyyət daşıyan qərar qəbul eləyibdir. Referendumun keçirilməsi ilə əlaqədar zəruri işlərin aparılması, o cümlədən də imzaların toplanması göstərdi ki, Milli Məclisin qəbul elədiyi qərar Azərbaycan vətəndaşlarının, doğrudan da, mütləq əksəriyyətinin rəyini və istəyini ifadə edir. Yeni Azərbaycan Partiyası “Yeni Azərbaycan” referendum qrupunu formalaşdırarkən bunun bir daha şahidi olmuşdur. Mən partiyamızın təcrübəsindən çıxış edərək qeyd edirəm ki, vətəndaşlar referendumun keçirilməsinə və referendumdan çıxarılan məsələlərə öz münasibətlərini birmənalı şəkildə və böyük fəallıqla ifadə edib, öz imzalarını verməklə bu referenduma çıxarılan məsələləri – Konstitusiyaya edilən əlavə və dəyişiklikləri dəstəklədiklərini bildiriblər. Bundan çıxış edərək mən güman edirəm ki, mart ayının 18-də də insanlarımız birmənalı şəkildə bunu dəstəkləyəcəklər.
Mən təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, referenduma çıxarılan məsələlərin əleyhinə olan insanlar yenə də bir sıra təxribatlara yol verirlər. Yenə də Azərbaycanda bu və ya digər məsələlərlə əlaqədar qanun pozuntularına yol vermiş insanlar əgər saxlanılırsa, bunların hamısını referendumla əlaqələndirməyə çalışır və yenə də istəyirlər ki, bu prosesin özündən də haradasa siyasi məhbuslar, kimlərinsə siyasi motivlərlə məsuliyyətə cəlb edilməsi şousunu yaratsınlar. Mən məsuliyyətlə demək istəyirəm ki, bütün bunlar referendumun əleyhinə aparılan təbliğat kampaniyasının bir hissəsidir.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Əgər icazə versəniz, mən arada Səməd müəllimə söz verərəm, Avropa Şurasında yenə yol verilən ikili standartlar barədə danışar.
Bildiyiniz kimi, Ermənistanda da, Azərbaycanda da seçkilər keçirilmişdir. Azərbaycanda keçirilən seçkilər barədə deyirlər ki, qış sessiyasında Azərbaycanda keçirilən seçkilərə baxmaq lazım deyil. Çünki seçkilər yüksək səviyyədə keçirilib. Bilirsiniz ki, Ermənistanın Avropa Şurasında səsvermə hüququnun alınıb-alınmaması məsələsi durmuşdu. Çox təəssüflər olsun ki, Avropa Şurasında Ermənistana yenə güzəşt edilmişdir. Ermənistandakı seçkilər çox yüksək səviyyədə müzakirə olunsa da, deyiblər ki, bu, məzlum xalqdır, qədim xristian xalqıdır. Biz buna yardım eləməliyik, buna imkan yaratmalıyıq ki, ölkədə demokratiyanı, sabitliyi bərpa eləsin, apreldə bir də baxarıq. Halbuki Ermənistanda seçkilər yüzdən artıq insanın həbs olunması, on iki nəfərin həlak olması ilə nəticələnib. Onu deyim ki, Avropa Şurasında Ermənistanın nə bir qeyri-hökumət təşkilatının, nə də bir müxalifət partiyasının nümayəndəsi var idi. Onlara heç Yerevandan çıxmağa icazə verməmişdilər.
Bunları deyərkən yadıma bir şey düşdü. Azərbaycanın “dostlarının” və buradan onlara kömək edən bəzi yardımçıların hesabına Kiprin bir deputatı, – səhv eləmirəmsə, familiyası Burqudilis idi, – 1997-ci il dekabrın 7-də “Azərbaycanda siyasi məhbuslar” mövzusunda məruzə adı ilə məsələ qaldırmışdı ki, bu məsələ büroya çıxarılsın. Mən bizim nümayəndə heyətinə minnətdaram ki, orada çox dəqiq, gərgin iş apararaq bu məsələnin gündəlikdən çıxarılmasına nail oldu. Bu cür halların yaranmasının səbəbi nədir? Bax, səbəbi belə şeylər, yəni daxildə bəzi qüvvələrin Azərbaycanın adını hər yerdə bədnam eləmək, Azərbaycan haqqında belə fikirlər yaratmaq cəhdləridir. Biz artıq bundan yorulmuşuq. Ermənistanda qeyri-hökumət təşkilatları yoxdur? Ermənistanın hansı bir qeyri-hökumət təşkilatı, hansı bir müxalifəti gedib Avropa Şurasında öz xalqı haqqında başqa bir şey söyləyib? Yəni dediyim budur ki, illər keçib, biz artıq bir az püxtələşmişik, bu məsələdə gərək bir az diqqətli olaq. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də ənənəvi yaz sessiyasının başlanması münasibətilə səslənən təbriklərə qoşulur və hər kəsi təbrik edirəm. Diqqətinizi aqrar sahə ilə bağlı iki məsələyə çəkmək istəyirəm. Bilirsiniz ki, son dövrlərdə ölkəmizdə aqrar iqtisadiyyatın inkişafının sürətləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirilir. Həm toxum, həm də əkin sahələri üçün verilən subsidiyalar öz nəticəsini 2008-ci ilin bol bitkiçilik məhsullarında göstərib. Ötən il 2007-ci illə müqayisədə 300 min tondan çox ərzaqlıq buğda istehsal olunub. Bu il həmişəkindən daha artıq, 800 min hektardan çox sahədə buğda əkilmişdir.
Keçən il, ümumiyyətlə, dünyada ərzaq məhsullarının qiymətlərinin sürətlə qalxması nəticəsində bizim ölkədə də bu sahədə qiymətlərin artması müşahidə olunmuş və buna çox düzgün, operativ reaksiya verilərək, xaricdən gətirilən ərzaq məhsullarına, xüsusən taxıl, un məhsullarına əlavə dəyər vergisi ləğv edilmişdir. Lakin bu gün kənd rayonlarında taxılçılıqla, xüsusən istehsal olunmuş taxılın satışı ilə bağlı çox gərgin vəziyyət yaranmışdır. Bu gün ölkədə yerli taxılın, demək olar ki, alıcısı yoxdur və qiymət də hər kiloqram üçün 10 qəpik civarında formalaşıb.
Bu günlərdə Nazirlər Kabinetində Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə cənab Prezident dedi ki, hər hansı bir ölkənin ərzaq təhlükəsizliyinə bazar iqtisadiyyatı heç bir təminat verə bilməz və bu nöqteyi-nəzərdən mütəmadi olaraq dövlətin müdaxiləsinə ehtiyac var. Mənə elə gəlir ki, taxılla bağlı daxili bazarı qorumaq baxımından dövlət bu sahəyə təcili müdaxilə etməli, xaricdən gətirilən un məhsullarına, taxıl məhsullarına əlavə dəyər vergisi bərpa olunmalı və daxili bazarda taxılın qiymətinin tənzimlənməsinə şərait yaradılmalıdır.
İkinci bir məsələ isə hesab edirəm, kənd təsərrüfatı texnikası ilə bağlıdır. Bilirsiniz ki, 2009-cu il yanvarın 1-nə kimi kənd təsərrüfatı texnikasının xaricdən idxalına gömrük rüsumları, əlavə dəyər vergisi yox idi. Lakin yanvarın 1-dən başlayaraq bu rüsumlar və vergilər tətbiq olunmağa başlayıb. Bu da təxmini hesablamalara görə, gətirilən hər yeni texnikanın dəyərinin 36 faiz artmasına səbəb olub. Mən hesab edirəm ki, bu, ölkənin Ərzaq proqramının həyata keçirilməsinə mane olacaq bir amildir. Ona görə də dövlət tərəfindən bu mühüm məsələlərin təcili həllinə və gələcəkdə daxili bazarın qorunmasına çox böyük ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İkram İsrafil. Sizin sualınız var? Ancaq çıxış yox, sual, xahiş edirəm.
İ. İsrafil. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Oqtay müəllim, yaz sessiyasının, ümumiyyətlə, sessiyaların başlanğıcında biz həmişə dövlətimizin himnini səsləndiririk. Ancaq mən Sədr olaraq Sizdən çox xahiş edərdim ki, iki gün öncə 125 illiyini qeyd elədiyimiz böyük insanın – bu respublikanı və sizlərin də başı üzərində dalğalanan üçrəngli bayrağı bizlərə bəxş edən o kişinin, heç olmasa, ruhu qarşısında bir dəqiqəlik sayğı ilə dayanaq. Bu, Azərbaycanda bütün siyasilərin bu məsələ ətrafında birgə olmasının, birlikdə olmasının nümunəsi olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Aydın müəllim Həsənov danışacaq.
Sədrlik edən. Buyurun, Aydın müəllim.
A. Həsənov. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin, bir dəqiqə, mikrofonu açın.
A. Həsənov. Azərbaycan hakimiyyəti söz və mətbuat azadlığının daha da inkişaf edib, dərinləşməsi istiqamətində çox böyük işlər görür. Təkcə ötən il hörmətli Prezidentimiz İlham Əliyevin mətbuatla bağlı atdığı addımları, verdiyi fərman və sərəncamları xatırlamaq kifayətdir. Amma təəssüf ki, bəzi mətbu orqanlar dövlətin yaratdığı bu demokratik şəraitdən sui-istifadə edərək, ilk növbədə elə mətbuatın özünə ziyan vurur, söz azadlığını dəyərdən salır.
Mən burada kütləvi informasiya nümayəndələrinin iştirakından istifadə edib, bir məsələyə toxunmaq istərdim. Belə ki, son aylar qəzetlərdə xalqımızın milli-mənəvi dəyərlərinə, mentalitetinə, əxlaqına zidd yazılara rast gəlirik ki, bu da cəmiyyətdə haqlı narazılıq doğurur. Məsələn, bu günlərdə gündəlik “Bakı” qəzetində ölkəmizin dini lideri hörmətli Şeyximiz Allahşükür Paşazadənin ünvanına təhqir sayılan silsilə yazılar dərc olunub. Hesab edirəm ki, heç kim özünün subyektiv mülahizələrinə, fakta söykənməyən əsassız fikirlərinə, yaxud xəbis niyyətli insanların sifarişinə istinadən başqalarına böhtan atmamalı, onu ləkələməyə çalışmamalıdır. Söz və mətbuat azadlığı altında gündəmə gətirilən bu cür qərəzli yazılar mənəvi terrordan başqa bir şey deyil. Şeyxülislamı hədəf seçənlər unudurlar ki, o, yalnız Azərbaycan xalqının deyil, eyni zamanda, Qafqaz müsəlmanlarının dini lideri olmaqla yanaşı, xristian dünyasında da sayılıb seçilən, sözü eşidilən nüfuzlu din xadimidir.
Hörmətli Şeyximiz 20 yanvar hadisələrində, o çətin və təhlükəli vaxtlarda bir dini lider olaraq, şəhidlərimizin dəfninə rəhbərlik etmişdir. Nə tez unutduq o məşum günlərdə vətəndaş mövqeyi, qeyrət və cəsarət nümayiş etdirən o böyük insanın milli təəssüb hissini. Şeyxülislamın Azərbaycanın mənafeyi naminə gördüyü işləri bəzi bədxahlar və nankorlar görmədiyi halda dini dinimizdən olmayanlar belə etiraf edirlər ki, Allahşükür Paşazadə Azərbaycanı beynəlxalq aləmdə şərəflə təmsil edən yorulmaz din xadimidir. Getdiyi xarici ölkələrdə, qatıldığı beynəlxalq konfrans və simpoziumlarda millətin haqq səsini dünya ictimaiyyətinə çatdıran Şeyxülislamın adını mətbuatda ucuz tutaraq, neqativ yöndə hallandırmaq heç bir məntiqə sığmır və bu, milli mentalitetimizə, etikaya, əxlaqi dəyərlərimizə açıq hörmətsizlikdir.
Mən bir millət vəkili olaraq, cəmiyyətdə hörmət sahibi olan şəxsləri söz və mətbuat azadlığından sui-istifadə edərək ləkələməyə, mənəvi əzab verməyə can atanlara müraciət edirəm. Şər, böhtan və yalan söyləmək cəmiyyətə yox, şeytana xidmət etməkdir və bu yolla uzağa getmək olmaz. Dinə, imana gəlin. Dini liderimiz cəmi Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı haqsız hücum və könül bulandıran atmacalarınızı dayandırın. Hər bir jurnalist üçün...
Sədrlik edən. Sağ olun. Elə bu da bizim mentalitetimizdəki bəzi əyintiləri göstərir. Mən hələ ömründə eşitməmişəm ki, Ermənistan mətbuatı ermənilərin katolikosuna qarşı hər hansı bir hörmətsizliyə, belə bir yazının meydana çıxmasına yol versin. Yəni bizə dəyən ziyanın səbəbkarı bir çox halda elə biz özümüzük və çox şey də özümüzdən asılıdır. Aydındır. Qənirə Paşayeva buyursun.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən gündəliyə iki məsələni təklif edərdim. İki qanunda dəyişiklik edilməsinə ehtiyac vardır. Bilirsiniz ki, cənab Prezidentin rəhbərliyi altında şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində çox ciddi işlər görülür. Amma bu günün reallığı “Şəhid ailələri haqqında” Qanuna dəyişikliyi zəruri edir. Bu zərurət ondan irəli gəlir ki, şəhidin övladı 18 yaşına çatandan sonra şəhid ailəsi statusunu və bu statusun verdiyi güzəştləri itirir. Bu gün ölkədə şəhid ailələrinə tikilən evlərin sayının getdikcə artmasına, onların mənzil şəraitinin yaxşılaşdırılması imkanlarının artmasına baxmayaraq, artıq 18 yaşı tamam olmuş şəhid övladları bu imtiyazlardan məhrum olurlar. Nəzərə alaq ki, “Şəhid ailələri haqqında” Qanun 1992-ci ildə qəbul olunub. O zaman ölkənin çətin günləri idi və bir müddət şəhid ailələri üçün mənzillər məhdud imkanlar üzündən sürətlə tikilə bilmirdi. Amma indi bu mənzillərin tikintisi artıq geniş vüsət alıb. Bununla belə, qanunda qoyulmuş yaş həddi çox şəhid ailələri arasında narazılığa səbəb olur. Ona görə mən düşünürəm ki, qanunda dəyişiklik etməklə bütün şəhid ailələrinin, şəhid övladlarının bundan yararlanmasına imkan yaratmaq olar.
Hörmətli Oqtay müəllim, ikinci məsələ Qarabağ müharibəsi əlilləri ilə bağlıdır. Qarabağ müharibəsində ciddi şəkildə yaralanmış insanlar, birinci qrup, ikinci qrup əlillər var. Hansı müharibə əlili sağdırsa, üçüncü qrup əlil olsa belə, onun ailəsi o mənzillərdən yararlana bilir. Amma müharibə əlili həyatdan köçən kimi onun ailəsi o imtiyazdan məhrum olur, yəni mənzil alma növbəsindən yararlana bilmir. İki qanunda, sadəcə, iki bənddə dəyişiklik etməklə biz bu problemləri həll edə bilərdik. Ona görə mən xahiş edərdim, bu məsələ də yaz sessiyasının qanunvericilik işləri planına daxil edilsin. Bu, cənab Prezidentin bu sahədə apardığı siyasətin daha hərtərəfli şəkildə...
Sədrlik edən. Çox sağ olun. Qənirə xanım, belə təkliflər olanda onları əvvəlcə komissiyaya vermək lazımdır. Bu, maliyyə tutumlu məsələdir. Yazılı surətdə verin, baxılar. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibətilə hər bir həmkarımı təbrik edir və onlara bu sessiyada uğurlar arzulayıram. Ümumilikdə, gündəliyə daxil olan məsələlərə mən öz razılığımı bildirirəm və ona səs verəcəyəm. Burada bir neçə məsələ qaldırıldı. Hörmətli Oqtay müəllim, Siz də, hörmətli Əli müəllim də bu məsələlərə öz münasibətinizi bildirdiniz. Mən də bu referendumla məşğul olan bir şəxs kimi qeyd etmək istəyirəm ki, referendum üzrə 14 təşəbbüs qrupu müraciət edibdir. Hər birinə seçici imza vərəqələri verilib və hər biri də azad, asudə şəkildə imza toplayıb, bu vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim edir. Kim toplaya bilmirsə, kimin ətrafına narkomanlar toplaşıbsa, bu artıq onun problemidir. Nə oldu, 13 qrupun heç birində heç nə olmadı, bir təşkilatda belə adamlar çıxdı. Rayonların əksəriyyətində bunların imza vərəqələri verdiyi adamlar ya o vərəqələri gətirib dairə seçki komissiyasına təhvil verir, ya da yazıb göndərirlər Mərkəzi Seçki Komissiyasına ki, biz bunlara imza toplamaq istəmirik, zorla veriblər bizə. İndi bizim günahımız nədir? Görünür, bunların həm imza toplaya bilən etibarlı adamları yoxdur, həm də əhali imza vermir. Bunu başqa cür izah etmək olmaz.
Oqtay müəllim, mən bir məsələni xüsusi qaldırmaq istəyirəm. Hesab edirəm ki, bu məsələnin həlli üçün məhz Sizin müdaxilənizə böyük ehtiyac var. Bilirsiniz ki, son vaxtlar bizim televiziya kanallarımızda türk dilində gedən serialların dayandırılması, türk dilinin guya Azərbaycan dilinə tərcümə olunması məsələsi qoyulub. Mən başa düşmürəm, hansı tərcümədən söhbət gedir? Bu ona bənzəyər ki, desinlər, Amerikada ingilis dilində verilən verilişləri, Böyük Britaniyanın verilişlərini Amerika dilinə tərcümə edin. Biz türkdilli xalqıq. Bir rayon ilə digər rayonun şivəsində, ləhcəsində fərq ola bilər. Bunu tərcümə etməyə ehtiyac yoxdur ki. Bizim bayrağın bir zolağı türkçülüyün rəmzidir. O bayrağı başımızın üstündə asmışıq. Biz düşünürükmü bu türkçülük nədir? Ümumiyyətlə, türk dilinin tərcümə olunub verilməsi nə deməkdir? Azərbaycanda kim türk dilini başa düşmürsə, bu onun problemidir. O öz milli kökünü araşdırsın, axtarsın, müəyyənləşdirsin ki, haradan əmələ gəlib. Bizim bir müttəfiqimiz, bir qardaşımız var. Ümummilli liderimiz deyib: “Biz bir millət, iki dövlətik”. Bir millətin də iki dili olar? Ona görə də mən hesab edirəm ki, bizdə türk dilində filmlərin, serialların verilməsi bərpa olunmalıdır. İndiyədək ailə ilə oturub baxa biləcəyimiz seriallar ancaq türk serialları idi. Bunlar həm tərbiyə verir, həm insanlar baxıb bir şey öyrənirlər, həm də istirahət edirlər. Ona görə də mən xahiş edirəm...
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, gündəliyi artıq qədərincə müzakirə elədik. 45 dəqiqədir çıxışlar davam edir. Əgər etiraz yoxdursa, Səməd Seyidov qısaca Avropa Şurasındakı işlər barəsində məlumat versin.
S. Seyidov, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, Oqtay müəllim. Avropa Şurasında gedən proseslərlə bağlı, əslində, Siz artıq məlumat verdiniz, münasibət bildirdiniz. Mən, sadəcə olaraq, hörmətli millət vəkillərinə Avropa Şurasında gedən proseslərlə bağlı bəzi məqamları çatdırmaq istəyirəm.
Ümumiyyətlə, Azərbaycan Avropa Şurasında uzun illərdir çox aktiv və konstruktiv fəaliyyət göstərir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərin hamısını ləyaqətlə və vaxtlı-vaxtında yerinə yetirərək Avropa Şurası qarşısında hesabat vermişik. Hazırda 47 ölkədən ibarət olan təşkilatda bəlkə də indi heç kim deyə bilməz ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməməklə hansısa bir problem yaradır. İndiyədək 1–2 öhdəlik yerinə yetirilməyib. Misal üçün, alternativ xidmət. O da Avropa Şurasının ekspertləri ilə birgə işlənilir. Ermənistanla müharibə şəraitində olduğumuza baxmayaraq, hətta bu öhdəliyin yerinə yetirilməsində israrlıyıq.
Lakin Azərbaycan öz tərəfindən Avropa Şurası ilə münasibətləri yüksək səviyyədə təşkil etməklə və öz məsuliyyətini dərk etməklə yanaşı, Avropa Şurasından təxminən eyni münasibəti gözləyir. Avropa Şurası ilə əlaqələrdə eyni münasibətlərin gözləntilərində olan Azərbaycan tamamilə başqa, heç bir normal məntiqə uyğun olmayan münasibətləri və həqiqətləri görməkdədir.
Heç kim üçün sirr deyil ki, Azərbaycanda keçirilmiş son seçkilər bütün dünya tərəfindən demokratik və Avropa standartlarına uyğun şəkildə keçirilmiş seçkilər kimi qiymətləndirilmişdir. Bu bizim sözlərimiz deyil, Azərbaycan iqtidarının, Azərbaycanda yaşayan insanların sözləri deyil. Bu, Avropanı təmsil edən millət vəkillərinin və Avropada fəaliyyətdə olan siyasətçilərin sözləridir. Böyük Britaniyada tanınmış və hamı tərəfindən hörmət edilən Lord Tomilsonun bu yaxınlarda Azərbaycan televiziyasında çıxışını, yəqin ki, izlədiniz. O dedi ki, Azərbaycanda keçirilmiş seçkilər bütün Avropa məkanında Avropa standartlarına uyğun şəkildə təşkil olunmuş və ən yaxşı şəkildə keçirilmiş seçkilər kimi qiymətləndirilməlidir. Yaxşı, bu şəkildə qiymətləndirilən ölkə niyə siyasi məhbusların olduğu, insanların öldürüldüyü, bütün mətbuatın, o cümlədən İnternetin bağlandığı, qeyri-dövlət təşkilatlarının inkişafına şərait yaradılmadığı ölkələrlə bir cərgəyə qoyulur? Bu, qeyri-obyektiv və dözülməz bir münasibətdir.
Avropa Şurasının yanvar sessiyasında Ermənistan məsələsi müzakirə olunmuşdur. Biz düşünürdük ki, Ermənistanı həmişə himayə edib, dəstəkləsələr də, heç olmasa, bu kimi məsələlərdə tənqid edərlər. Yaxşı, səs vermək hüququnu almırsınız, Ermənistanda gedən proseslərə göz yumursunuz, Ermənistanı çıxarıb yuxarı başda oturdursunuz, heç olmasa, görüntü xatirinə, hansısa prosesləri düzgün şəkildə şərh etmək imkanı sizdə qalsın deyə, tənqid edin. Deyin ki, Ermənistanda 100-dən çox adam heç bir günahı olmadığı halda hazırda həbsxanadadır. Deyin ki, seçkilər zamanı 12 nəfər vəhşicəsinə öldürülüb. Deyin ki, bütün jurnalistlər təzyiq altındadır və ümumiyyətlə, media susdurulub. Deyin ki, biz rəsmi olaraq qeyri-dövlət təşkilatlarının bir nümayəndəsini də Avropa Şurasına buraxmırıq və Monitorinq Komitəsinin iclasının keçirildiyi otağın qapısından qovuruq. Deyin ki, gücümüz çatmır, bacarmırıq, Ermənistanın burada gücü çoxdur və ona görə səsvermə hüququnu ondan almırıq. Bu da yoxdur. Bir tərəfdən inkişaf edən Azərbaycanı, onun yaxşı cəhətlərini, digər tərəfdən isə düşdüyü ağır vəziyyətdən çıxmaq üçün hətta öz xalqına qarşı terrorizmə əl atan Ermənistanın mənfi cəhətlərini görməməklə bu dövlətləri eyniləşdirməkmi olar? Bu, ikili standartdır, bu, beynəlxalq təşkilatların düzgün olmayan mövqeyidir və Azərbaycan nümayəndə heyəti bunu Avropa Şurasında rəsmi olaraq bəyan etdi.
Avropa Şurasında nəinki Ermənistanın başını sığallamaq və onunla bağlı məsələni gündəmdən çıxarmaq, eyni zamanda, Azərbaycanda gedən müsbət prosesləri görməmək, əksinə, Azərbaycanda problemlər tapmaq və onu süni surətdə Ermənistanla eyniləşdirmək siyasəti aparıldı. Siz öz çıxışınızda qeyd etdiniz ki, Azərbaycanda guya siyasi məhbuslarla bağlı 10 il bundan əvvəl həll olunmuş problemləri yenidən gündəmə gətirmək fikrinə düşüblər. Özü də onlar Ermənistanda bir nəfər də siyasi məhbus görmürlər. Ermənistanla bağlı sənədlərdə Siz hətta “siyasi məhbus” sözlərini axtarsanız, tapmayacaqsınız, “azadlıqdan məhrum olunmuş insanların problemi” sözlərini tapacaqsınız. Deməli, deputatlar tutulub, həbsxanadadır, yalnız seçkilərdə öz etirazını, öz mövqeyini bildirərək həbsxanaya salınıblar. Onlar azadlıqdan məhrum olunmuş şəxslər kimi qiymətləndirilirlər. Azərbaycanda gedən prosesləri isə görməyərək, ölkəmizdə insan haqlarının pozulması və siyasi məhbusların mövcudluğu ilə bağlı məruzəçinin təyin olunmasına cəhdlər edirlər. Ona görə Azərbaycan nümayəndə heyəti bu məsələlərlə bağlı, cənab Sədr, öz mövqeyini və Sizin mövqeyinizi, Azərbaycan Respublikası Prezidentinin mövqeyini Avropa Şurasına çatdıraraq bildirmişdir ki, ölkəmizlə bağlı belə bir qərar çıxarılarsa, Azərbaycan bu təşkilatla münasibətini dəyişdirəcək.
Mən hesab edirəm ki, Azərbaycanın gördüyü işlərə qiymət vermək yalnız bir təşkilatın müstəsna hüququ ola bilməz. Hər hansı bir təşkilat Azərbaycanda gedən prosesləri obyektiv qiymətləndirməlidir. Biz bilməliyik ki, Azərbaycan güclü bir dövlətdir. Ancaq bunu bizimlə yanaşı başqaları da dərk etməli və nəzərə almalıdırlar. Azərbaycanı qondarma problemlərlə suçlayıb cəzalandırmaq, onu Ermənistanla, Gürcüstanla bir cərgəyə qoyub demokratik, düzgün istiqamətdə inkişafına tamamilə başqa mövqedən yanaşmaq ən azı qeyri-obyektivlikdir.
Təəssüflər olsun ki, bəzən Avropa Şurasında bəzi deputatların mövqeyi Azərbaycan reallıqlarını görməməkdən ibarətdir. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyası sədrinin Azərbaycanda dərc olunmuş məqaləsində də bəzi məqamlar, hesab edirəm, o qədər düzgün deyil. Biz Avropa Şurasının sədri Luis Maria de Puçla da görüşdük. Təbii, onların da öz narahatçılıqları var. Ancaq burada millət vəkillərinin qarşısında tam əminliklə deyirəm ki, Avropa Şurasında gedən proseslər yalnız demokratik inkişafa dəstək deyil, Azərbaycana istənilən zaman təzyiq göstərib onu tutduğu yoldan çəkindirmək məqsədini güdən bir siyasətdir. Ona görə biz bunu dərk etməli, bilməliyik ki, Azərbaycan öz inkişafında Avropa dəyərlərini tətbiq edən, demokratik prinsiplərə əsaslanan bir ölkə kimi nə qədər irəli getsə də, Avropa Şurasında bəzi deputatlar, hətta rəhbərlikdə olan bəzi insanlar tərəfindən tənqid olunacaqdır.
Avropa Şurası bir təşkilat kimi Azərbaycanla əlaqədədir və biz əlaqəmizi kəsmirik. Ancaq Avropa Şurasında da bilməlidirlər ki, Azərbaycanın öz mövqeyi, öz siyasəti var və bu mövqe və siyasətə hörmətlə yanaşmaq lazımdır.
Avropa Şurasının media və referendumla bağlı məsələlərə münasibətinə gəlincə mən sizin vaxtınızı çox almaq istəmirəm. İki kəlmə ilə onları da deyim. Birinci, media ilə bağlı. Biz Avropa Şurasına çatdırdıq ki, Azərbaycanda media ilə, radiostansiyalarla bağlı atılmış addım Avropa Şurasının ekspertləri ilə birgə hazırlanmış qanun çərçivəsində həyata keçirilib. Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası Avropa Şurasının özünün məsləhəti əsasında yaradılmışdır. Avropa Şurasının ekspertizasından keçən qanunun tətbiqi ilə bağlı Avropa Şurasının tənqidini eşitmək ən azı qəribədir. Bu birincisi. İkincisi, referendumla bağlı. Siz burada qeyd etdiniz, Azərbaycandan müxtəlif qeyri-obyektiv məlumatlar gedib. Mən bu gün deyə bilərəm ki, Avropa Şurası bu referendumda müşahidəçi qismində iştirak etmək barədə qərar qəbul edib və bir təşkilat kimi Azərbaycanda keçiriləcək referendumu izləyəcək. Avropa Şurasından nümayəndə heyəti gələcək.
Azərbaycanda keçirilən referendum Azərbaycan xalqına müraciətdir. Bu ən demokratik formadır və heç kim, nə Avropa Şurası, nə də başqa bir təşkilat xalqla məsləhətləşmə tədbirini şübhə altına qoya bilməz. Ona görə hesab edirəm ki, bu təşkilatla işimizi davam etdirməli, Azərbaycanın maraqlarına uyğun olan məsələləri həll etməliyik. Azərbaycanın maraqlarına zidd olan məsələləri isə açıq şəkildə bəyan etməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, müzakirələri də qurtardıq, Səməd müəllimə də imkan yaratdıq, Avropa Şurasındakı işlər barəsində danışdı. İndi gündəliyə keçə bilərik. Gündəliyin birinci məsələsi Milli Məclisin 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Qanunvericilik işləri planı hamınıza paylanıb. Buyurun, Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli Səməd müəllim çıxış etdi. Mən hörmətli Səməd müəllimin yadına salıram, bayaq mən çıxış edərkən seçildiyim dairədə iki şəxsin cibinə narkotik maddə qoyularaq tutulmasının siyasi motivlə bağlı olduğunun nə rayonda, nə də məndə şübhə doğurmadığını bildirəndə, hörmətli Sədr dedi ki, çox şübhəli danışırsınız. Yəni burada parlamentin Sədri parlamentin üzvünü az qala şərləyirsə, rayon polis idarəsinin hansısa bir əməkdaşı orada hansısa bir müxalifətçini şərləyəndə biz niyə təəccüblənək ki, hörmətli Səməd müəllim? Niyə öz əlimizlə həmin siyasi məhbusları yaradaq, – onların ikisi Sabirabadda buna namizəddir, – sonra da başlayaq ki, Ermənistanda vəziyyət belədir, Gürcüstanda vəziyyət belədir və Azərbaycan daxilindəki ayrı-ayrı şəxslər, qeyri-hökumət təşkilatları hansısa milli mənafeləri güdaza verərək bu məsələləri diqqətə çatdırırlar? Bu, göz qabağında olan məsələdir.
Siz indi məcbur edirsiniz, bəzi faktları daha aydın deyək. Çağırırlar insanın atasını, məsələn, məktəb direktorunu, deyirlər, oğlun imza toplamasa, gəl, ərizəni ver. Ata ilə oğulu üz-üzə qoyurlar, qardaşla qardaşı üz-üzə qoyurlar. Bu, dəhşətli bir faktdır. Yerlərdə bütün hakimiyyəti siyasi mədəniyyəti aşağı olan, siyasi rəqabətə dözməyən, bəzən hətta səmimi qəlbdən orta əsr dəyərlərindən çıxış edərək düşünən adamların öhdəsinə verirsiniz, sonra deyirsiniz ki, danışmayın. Bu gün üç redaktor yatır içəridə, bir jurnalist narkotiklə tutulub yatır. Deyirsiniz, bu məsələləri biz qaldırmayaq, deməyək? O gün də İqbal Ağazadənin qərargahında yenə jurnalistika ilə bağlı olan bir şəxsin gözünü yardılar, qanını tökdülər. İndi təhqiqatı gedir. Danışmayaq bundan? Siz yerlərdəki vəziyyəti doğrudan bilmirsiniz?
Bəli, bizim düşmənlərimiz var. Hamımız bilirik ki, bu cür məsələlərdən istifadə edərək Azərbaycana təzyiq göstərmək istəyən, Azərbaycanı sevməyən, Azərbaycan xalqının, Azərbaycan dövlətinin düşməni olan dairələr, qüvvələr vardır. Niyə onların əlinə bəhanə verək? Hətta ayrı-ayrı qeyri-hökumət təşkilatları, ayrı-ayrı vətəndaşlar bunu versələr belə, bu dövlətin iqtidarı, onun hökuməti, parlamenti, yerlərdəki nümayəndələri niyə ermənilərin və onların havadarlarının əlinə bu bəhanələri verirlər? Biz həmişə demişik ki, onların ən böyük bəhanəsi Azərbaycan daxilindəki antidemokratik vəziyyətdir. Gəlin bunu düzəldək və ondan sonra birləşib iqtidarlı, müxalifətli həmin şəxslərin gözlərini ovaq, dillərini kəsək. Çox təəssüf ki, Azərbaycan iqtidarı bu istiqamətdə irəliyə doğru addım atmır və qeyri-hökumət təşkilatlarının üzərinə yeriyir.
Mən Azərbaycan iqtidarını təbrik edirəm. Həqiqətən, Azərbaycanda imza toplamaq kampaniyası göstərdi ki, təxminən Naxçıvanda olan vəziyyəti artıq burada yaradıblar. Bəli, həqiqətən, insanlar qorxurlar. Bəli, müraciət etdiyimiz şəxslərin bəziləri imza toplamaq istəmir, deyir, işimi itirmək istəmirəm, ya oğlumun gələcəyini təhlükə altına atmaq istəmirəm. Həqiqətən, bəzi imza vermiş şəxslər sonra zəng edərək deyirlər ki, başınıza dönüm, həmin imzamdan mən imtina edirəm, sonra imzanı versəniz, mən durub deyəcəyəm ki, vəziyyət bu şəkildədir. Bəli, siz bu vəziyyəti yaratmısınız. Amma bu vəziyyət nə qədər çəkəcəkdir? Bu vəziyyəti biz sovet hakimiyyəti dövründə görmüşük, bu vəziyyəti bir çox ölkələr görüb və onun taleyi də, axırı da, məntiqi sonluğu da məlumdur. Doğrudanmı, siz Azərbaycanı, bizi hara sürüklədiyinizi bilmirsiniz?
Mən keçirəm gündəlikdə olan məsələyə. Hörmətli Sədr, mən keçən sessiyanın əvvəlində demişdim, “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq hər sessiyanın birinci iclasında komissiyaların hesabatı müzakirəyə qoyulmalıdır. Mən bir də o sualı verirəm. Niyə bugünkü iclasın gündəliyində komissiyaların hesabatı yoxdur? Gədəbəydən il yarım orduda qulluq edib qayıtmış bir gənc qanuna görə Gədəbəy Sosial Müdafiə İdarəsində iş yeri saxlanmalı olduğu halda işə götürülmədiyindən mənə yazıbdır. Mən o məktubu Sizə göndərə bilərəm. Keçən sessiyalar ərzində bizim komissiya iki uşağı və ya iki əlil ailə üzvü olan gəncin hərbi xidmətə aparılmaması haqqında normanın ləğv edilməsi, magistrantların orduya çağırılması barəsində qanunu irəli sürdü və müdafiə etdi. Təcrübədə bu özünü doğrultmadı. İndi biz həmin komissiyaların işini necə qənaətbəxş hesab edə bilərik? Bu məsələlər burada müzakirə olunmalı, fikirlər səslənməlidir. Siz isə bunu gündəliyə salmırsınız.
Burada bir çox məsələlər gündəliyə salınıb, lazımi məsələlərdir. Amma niyə Azərbaycan müxalifətinin, o cümlədən mənim də qol qoyub təqdim etdiyim qanun layihələri heç bir sessiyada gündəliyə salınmır? Neft və qaz haqqında qanun layihəsi təqdim etmişik, komissiya bunu tövsiyə etməyibdir. Amma Azərbaycan qanunvericiliyində komissiyanın tövsiyə etməməsi məcburedici norma deyil və heç də o demək deyil ki, o, Milli Məclisin plenar iclasına çıxarıla bilməz. Niyə çıxarılmır? Amma İxrac fəaliyyəti haqqında qanun layihəsi dərhal çıxarılır? Niyə erməni terror təşkilatlarının terror fəaliyyəti haqqında, Xocalı soyqırımının tanınması haqqında, Siyasi partiyalar haqqında qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarılmır? Halbuki onlardan bəziləri artıq iki ildir təqdim olunub. Niyə müxalifət fəaliyyəti haqqında bizim təqdim etdiyimiz qanun layihəsi heç komissiyaların müzakirəsinə göndərilmir? İndi deyəcəklər ki, Eks-prezidentlər haqqında qanun layihəsi referenduma çıxarılıbdır. Amma o da 2 il yarımdan artıq hansısa qovluqlarda yatıb. Niyə bunlar çıxarılmır? Bunun səbəbi nədir? O baxımdan hesab edirəm ki, bu cür fəaliyyət yolverilməzdir. Şübhəsiz ki, təqdim olunan qanun layihələrinin əhəmiyyətsiz olduğuna görə yox, dediyim səhvlərə görə mən təqdim olunan iş planının əleyhinə səs verəcəyəm. Bizim yoldaşlarımız da bu səhvə görə əleyhinə səs verəcəklər.
Hörmətli Qüdrət müəllim çox mühüm bir məsələni təklif etdi. Biz də böhranla bağlı məsələnin Milli Məclisdə müzakirəsini dəfələrlə təklif etmişik. İndi biz hökumətin hesabatına hazırlaşırıq. Hazırda bütün dünyada antiböhran proqramları parlamentlərdə müzakirə olunur, düzəlişlər edilir, əsaslandırılır, cəmiyyətə çatdırılır. Niyə bizdə bu məsələ müzakirəyə çıxarılmır? Mən çox ciddi şəkildə iddia edirəm ki, bizdə 2 milyard yarım məbləğində vəsaitdən, əslində, bəzi yüksək dövlət məmurlarına məxsus olan bankların düşdüyü ziyanı ödəmək üçün istifadə olunacaq. Belə deyilsə, gəlsinlər, çıxış etsinlər, əsaslandırsınlar, proqram qoysunlar, bu pulların hansı istiqamətdə xərclənəcəyini desinlər. Ağıl ağıldan üstündür. Biz də bilək, biz də yerlərdə çatdıraq, biz də xalqı inandıraq, əl-ələ verib bir il, il yarım bu böhrandan, bu vəziyyətdən çıxmaq üçün doğru-düzgün, elmi cəhətdən işlənib hazırlanmış praktiki bir proqramın həyata keçirilməsinə kömək edək. Təbii ki, müzakirələr qeyri-şəffaf keçirilirsə, 2 milyard yarım məbləğində vəsaitin hansı şəkildə xərclənəcəyi, hara gedəcəyi barədə əsaslı şübhələr yaranır. Mən bir daha deyirəm ki, hökumət bunları bilsin. Onlar, heç olmasa, bu proqramın izahı ilə bura gəlib çıxsınlar, hesabatda izahat versinlər. 5-ci iclasda biz onu müzakirə edəcəyik. Bir daha təkrar edirəm, bizim tənqidlərimizi hətta təkzib etmək istəmirlər. Çünki yuxarıya, birinci şəxsə çox arxayındırlar. Ola bilsin, onun etimadından sui-istifadə edirlər, ya başqa səbəblər var ki, nəinki parlamentin, bütün xalqın hay-harayını qulaqardına vurub eşitmək istəmirlər. Amma bu sessiyada bu məsələlər onsuz da diqqətə gələcək.
Xatırlayıram, mən deyəndə ki, pul qıtlığı yaranacaqdır, Siz burada güldünüz, hörmətli Sədr, dediniz ki, siz bunu özünüzdən icad edirsiniz.
Amma soruşun görün, Azərbaycanda son 7–8 il ərzində, bu iqtidarın hakimiyyətdə olduğu illər ərzində ilk dəfədir ki, pensiyaların verilməsində gecikmələr yaranıbdır. Büdcə təşkilatlarında bir neçə ay maaş almayanlar vardır. Bu vəziyyət 3–4 aydan, 1 ildən sonra daha da gərginləşəcək, daha da pisləşəcəkdir.
Hörmətli Milli Məclis, hörmətli həmkarlar! Sizin hamınızı siyasi mənsubiyyət məsələsini kənara qoyub bu məsələlərlə ciddi şəkildə məşğul olmağa dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən Pənah bəyə imkan yaratdım ki, sonrakı məsələnin müzakirəsi başlayan kimi konflikt yaranmasın. Mən xahiş edirəm, gündəlikdən danışırıqsa, gündəlik haqqında danışaq. Amma bu məsələ üzrə çıxış və müzakirələr artıq sona çatıb. Bu bir. İkinci, qanun layihələri barəsində deyirsiniz. Deyirsiniz ki, İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanun layihəsi gündəliyə salınıb. Bu qanun layihəsi gündəliyə salınmamışdan qabaq 4 dəfə müzakirə olunub, özü də komissiyaların iştirakı ilə. Sizin verdiyiniz hansı təklif komissiyada müzakirə olunmayıb?
Xahiş edirəm, danışanda düz danışın. Bəlkə jurnalistlər bilmirlər. Sənin verdiyin qanun layihəsi müzakirə olundu və komissiya göstərdi ki, bu layihə düzgün deyil. İstəyirsənsə, onu bir də komissiyaya verərik. Hansı millət vəkili deyə bilər ki, onun verdiyi qanun layihəsi komissiyaya verilib, müzakirə olunandan, müsbət rəy alandan sonra bura çıxarılmayıb? Xahiş edirəm, bu məsələlərə düzgün yanaşaq. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün Milli Məclisin 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planını müzakirə edirik. Qanunvericilik işləri planında Tikinti Məcəlləsinin, Mənzil Məcəlləsinin, Şəhərsalma Məcəlləsinin layihələri, İqtisadiyyat və insan hüquqları sahəsində bir sıra qanunlar, əhalinin fiziki sağlamlığı, idman haqqında və bir çox digər qanun layihələri təqdim olunub ki, onların müzakirəsi və qəbulu ölkəmizin iqtisadi inkişafına, insanların, əhalinin sosial vəziyyətinin yüksəlməsinə xidmət edəcəkdir.
14-cü məsələ – Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında qanun layihəsi insanlar tərəfindən çoxdan gözlənilirdi və bunun qəbul olunması Azərbaycan vətəndaşlarına qayğının bariz nümunəsi olacaqdır.
Təhsil haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbul olunması nəzərdə tutulur. Bununla əlaqədar mən bir məsələ haqqında öz fikirlərimi bildirmək istərdim. Hörmətli millət vəkilləri, bilirsiniz ki, neçə ildir Təhsil haqqında qanunla yanaşı, Elm və dövlət elmi-texniki siyasəti haqqında qanun layihəsi də qanunvericilik işləri planına salınır. Lakin, təəssüf ki, bu qanun layihəsi də Təhsil haqqında qanun layihəsi kimi ildən-ilə keçirilir, müzakirəyə çıxarılmırdı. Mən ümid edirəm ki, yaz sessiyasında Təhsil haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbulundan sonra mütləq Elm və dövlət elmi-texniki siyasəti haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq və qəbul olunacaqdır. Elm insan zəkasının böyük nailiyyətidir, millətin varlığının təminatçısıdır. Elmə qayğı, elmə qiymət, alimə hörmət tarix boyu Azərbaycan xalqının milli ənənəsi və mentalitetimizin ayrılmaz hissəsi olmuşdur. Güclü olmaq istəyən hər bir dövlət, gələcəyini düşünən hər bir millət elmin inkişafına qayğı göstərməlidir. Bu, təkcə Milli Elmlər Akademiyasında çalışan işçilərin, alimlərin məsələsi deyil. Bu, bütövlükdə millətin inkişafına, gənc nəslin yetişdirilməsinə, Azərbaycanın tərəqqi yolunda addımlamasına böyük təsiri olan məsələdir. Bunun gənclərin elmə, biliyə, öyrənməyə həvəs ruhunda böyüməsinə böyük təsiri vardır.
Son illər Azərbaycanda elmin inkişafına böyük diqqət yetirilir. Alimlərin maaşları imkan düşdükcə mütəmadi olaraq artırılır. Bildiyiniz kimi, hörmətli Prezidentimiz tərəfindən 2008-ci ildə Azərbaycan elmində islahatların keçirilməsi haqqında sərəncam imzalanıb və dövlət komissiyası yaradılıbdır. Dövlət komissiyası uzun sürən gərgin işdən sonra elmin milli inkişaf strategiyasını hazırlayıb. Bu strategiyanı həyata keçirmək üçün dövlət proqramı hazırlanıb və 2015-ci ilə qədər Azərbaycan elminin inkişaf istiqamətləri dəqiq müəyyənləşdirilibdir. Bunların hamısının həyata keçirilməsi üçün elmin qanunvericilik bazası da möhkəmləndirilməlidir. Bu baxımdan Elm və dövlət elmi-texniki siyasəti haqqında qanun layihəsinin qəbulu çox vacibdir.
Yeri gəlmişkən, başqa bir fikrimi də bildirmək istərdim. Bildiyiniz kimi, müxtəlif sənət sahiblərinin peşə bayramları var. Mən Milli Elmlər Akademiyasının alimlərinin arzusunu sizə çatdırıram. Onlar arzu edirlər ki, əgər mümkünsə, ölkədə alim günü təsis edilsin və alimlər də öz peşə bayramını qeyd etsinlər. Bütövlükdə cəmiyyətimizə bunun böyük müsbət təsiri olar.
Son olaraq bir məsələni demək istəyirəm. Hörmətli Prezidentimiz dəfələrlə deyib ki, biz Azərbaycanda neft kapitalını insan kapitalına çevirməliyik. Mən düşünürəm ki, bu fikrin reallaşmasında – neft kapitalının insan kapitalına çevrilməsində Azərbaycan alimləri və Azərbaycan Milli Elmlər Akademiyası ən aparıcı rol oynayacaqdır. Diqqətiniz üçün sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Mən də yaz sessiyasının başlanması münasibəti ilə hamını təbrik edirəm, dövlətimiz və xalqımız üçün uğurlu olsun deyirəm. Yaz sessiyasının qanunvericilik işləri planına xeyli dərəcədə vacib qanunvericilik sənədləri daxil edilib. Təkcə onu qeyd etmək lazımdır ki, bir sessiyada tikinti, mənzil, şəhərsalma, rəqabət kimi 4 məcəlləyə baxılması nəzərdə tutulur. Eyni zamanda, Təhsil haqqında, Xüsusi iqtisadi zonalar haqqında, Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında qanunların da qəbul edilməsi aidiyyəti olan sahələrdə qanunvericilik bazasının möhkəmləndirilməsində mühüm rol oynayacaq.
2009-cu il bütün dünya, o cümlədən Azərbaycan üçün xeyli dərəcədə mürəkkəb bir il olacaq. Həm hökumətin, həm də parlamentin fəaliyyətində həmin məqamlar öz əksini tapmalıdır. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bir ilin ərzində 3 dəfə – birinci, hökumətin hesabatı müzakirə olunanda, ikinci, cənab Sədrin qeyd etdiyi kimi, may ayında büdcəyə yenidən baxılanda, bir də, payızda 2010-cu ilin büdcəsi müzakirə olunan zaman hökumətin parlament saatının tətbiq edilməsi məqsədəuyğun olar. Ona görə ki, 2009-cu ildə bütün dünyada olduğu kimi, Azərbaycanda da böhran kəskinləşəcək, həmin böhranın kəskinləşməsinin aradan qaldırılması üçün hökumətin bütün qollarının, o cümlədən Nazirlər Kabinetinin, ayrı-ayrı nazirliklərin və parlamentin daha sıx əlaqədə işləməsi tələb olunur. Bu, 2008-ci ilin yekunları müzakirə olunan zaman da həm Prezidentin, həm də nazirlərin çıxışında qeyd edildi.
Bu nöqteyi-nəzərdən mən qanunvericilik işləri planına bir neçə qanunun da əlavə olunmasını təklif edirəm. Birinci, hesab edirəm ki, 2008-ci ilin yekunları müzakirə olunan zaman bank sisteminin möhkəmləndirilməsi, Azərbaycanda rəqabətlə bağlı problemlərin həllinin sürətləndirilməsi, eyni zamanda, dövlət vəsaitlərinə nəzarətin gücləndirilməsi xüsusi vurğulandı. Ona görə də ilk növbədə Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsini təklif edirəm. Eyni zamanda, təklif edirəm ki, – bu həm də bir neçə il bundan qabaq Prezidentin fərmanında da xüsusi qeyd olunub, – Dövlət maliyyə nəzarəti haqqında Qanun məhz hökumətin hesabatı müzakirə olunan zaman, ən uzağı isə may ayında büdcəyə yenidən baxılanda Milli Məclisin müzakirəsinə verilsin. Eyni zamanda, 2009-cu ildə iqtisadi fəaliyyətin genişləndirilməsi, sürətləndirilməsi, artırılması üçün vergi sistemində təkmilləşdirmə edilməsi çox vacibdir. Bu məqsədlə Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı hökumətin təkliflərinin yaz sessiyasının gündəliyinə salınmasını təklif edirəm. Banklarla bağlı bir sıra yeni məqamlar əmələ gəlib, bununla bağlı qanunvericilikdə dəyişikliklər edilməsini vacib hesab edirəm.
Sonda bir məqamı qeyd eləmək istəyirəm. Tədqiqatlar göstərir ki, keçmiş SSRİ-yə daxil olan ölkələrdən Rusiya, Ukrayna, Qazaxıstan, Baltikyanı ölkələr və bir də Tacikistan böhranı ən ağır şəkildə keçirməyə başlayıblar. Azərbaycan böhranın birinci dalğasına tab gətirə bildi və bizim hazırda rastlaşdığımız problemlər adı sadalanan ölkələrlə müqayisədə azdır. Amma bu o demək deyil ki, 2009-cu ildə bu problemlər kəskinləşməyə bilər. Bu nə vaxt kəskinləşə bilər? Neftin qiyməti 40 dollardan aşağı düşüb. Bu proses uzun müddət davam eləsə, hökumət həddən artıq arxayınçılığa yol versə, 2008-ci ilin yekunları müzakirə olunan zaman irəli sürülən antiböhran proqramının həyata keçirilməsi ləngisə, bu problem kəskinləşə bilər. Həmin proqramın həyata keçirilməsi hökumət ilə parlamentin dialoqunun daha da gücləndirilməsini tələb edir. Bu nöqteyi-nəzərdən qeyd elədiyim əlavələri, bir də, bir il ərzində parlamentdə 3 dəfə hökumətin parlament saatının tətbiq edilməsini təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən, doğrusu, düşünürdüm ki, cari məsələlərə baxılanda referendum ətrafında müxtəlif fikirlər səsləndiyindən qanunvericilik işləri müzakirə olunanda bu məsələlərə toxunulmayacaq. Amma bir-iki məsələni demək istəyirəm. Əslində, bu ölkə coğrafiyasına görə o qədər də geniş deyil və iqtidarlı, müxalifətli əksəriyyət Bakıda təmərküzləşdiyindən hamı qohumuna, əqrəbasına görə bir-birini tanıyır. Hər bir çevrədə nə proseslər cərəyan edirsə, o barədə minimal da olsa, informasiyalar alınır. Həqiqət ondan ibarətdir ki, əgər müxalif qüvvələrin dediyi kimi, insanlar bunların ideyası ətrafında səfərbər olunmuş olsaydılar, birləşsəydilər və həqiqətən də, imza məsələsində bu cür fədakarlıq göstərsəydilər, bayaq söylədiyim o toqquşmalar bu cür şüara çevrilməzdi.
İş ondadır ki, hörmətli Ziyafət müəllim, bəlkə də nəzəri müstəvidə, efirdə, müxtəlif radio, televiziya debatlarında yalnız siyasi olaraq bu sənədlərlə bağlı nəsə demək olar. Çünki hüquqi cəhətdən referenduma çıxarılan müddəalara qarşı dayanmaq çox çətindir, yəni qeyri-mümkündür. Amma sonra bu insanlar nəzəriyyədən praktikaya enib vətəndaşın qapısını döyməlidirlər. Bir imza üçün yarım saat izahat verməli olurlar ki, 2013-cü ildən sonra nələr baş verə bilər və sair. Bu onları ciddi çətinliyə məruz qoyur. Mənim dediyim kimi, onların cəmi 20–30 fədakar insanları var ki, imza toplaya bilərdilər, amma onlar da ciddi çətinlik qarşısındadırlar. Tam ciddi, etibarlı məlumatlardır, bir gün ərzində onların topladığı imzalar 20–30-dan artıq olmayıb. Nə düşünülüb tapılıb? Dediyimiz bu siyasi aksiya. Ona görə də mən hesab edirəm ki, hakimiyyət çevrəsində olan insanlar etimadlarını itiriblər, bununla da bu hakimiyyət başqa vasitələrlə özünün iqtidarını həyata keçirir və sair kimi məsələlər tamamilə yanlışdır.
Bir nəzəri fikri də söyləyib mövzunu tamamlamaq istəyirəm. Ümumiyyətlə, kim mənəvi hakimiyyətə sahibdirsə, o daha real siyasi, hüquqi hakimiyyətə çevrilir. 1991–1992-ci illərdə bu millətin müəyyən insanları Naxçıvana, ulu öndərin yanına gedə bilirdilər, çünki mənəvi hakimiyyət ona aid idi, sonra o, real siyasi hakimiyyətə çevrildi. Bu qüvvələr, həqiqətən də, xalqın üzərində müəyyən mənəvi təsir qüvvəsinə malik olsaydılar, heç bu boyda dartışmalar və çəkişmələr olmazdı. Yoxdur, ancaq siyasi dekorasiya, siyasi aksiya hissəsi var.
Hörmətli Ziyafət müəllim, mən qanunvericilik işləri planına bir neçə təklif vermək istəyirəm. Referendumla bağlı bir cümlə də deyim. Onlara müraciət edirəm. Onların yaratdığı təşəbbüs qruplarından biri “Qarabağ və Respublika Uğrunda Hərəkat” adlanır. Heç olmasa, bu məsələdə normal bir addım ataydılar. Doğrusu, bunları abreviatura hissəsinə çevirəndə adamda belə təsəvvür yaranır ki, bunlar Qarabağın respublika olması üçün fəaliyyətə başlayıblar. Əvvəla, bu sənəddə Qarabağ üçün, ümumiyyətlə, təhlükə yoxdur. Əgər seçiblərsə, heç olmasa, bunu “Qarabağ və Respublika Uğrunda” eləməyəydilər.
Mənim qanunvericilik işləri planına birinci təklifim qaz təchizatı ilə bağlıdır. Son dövrlərdə müxtəlif ictimai təhlükə doğuran hadisələr baş verir. Düşünürəm ki, parlamentin də üzərinə müəyyən vəzifələr düşür ki, bu sahədə mövcud olan normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atmaq gərəkdir. Burada sertifikatla təmin olunacaq yanacaq və texniki vasitələrdən tutmuş, ta vətəndaşlar tərəfindən baş verən müxtəlif pozuntulara qədər bir çox məsələlər əhatə olunur. Bu məsələ çox ciddi təhlükələrə yol açır. Vətəndaş təkcə öz fərdi həyatını yox, ictimai həyatı da təhlükə qarşısında qoyacaq əməllərə yol verir. Ona görə də düşünürəm ki, bu hadisənin təkrarlanan bir prosesə çevrilməməsi üçün parlament bu sahədə mövcud olan qanunvericilik aktlarında müəyyən dəyişikliklər eləməlidir.
İkinci, mən hesab edirəm ki, sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərimizin hüquqlarının qorunması ilə bağlı məsələnin, nəhayət, gündəliyə təkrar daxil edilməsi çox mütərəqqi bir hadisədir. Ümidvaram ki, yaz sessiyasında bu, qəbul olunacaq, çünki beynəlxalq əməliyyatlar Azərbaycanın təhlükəsizliyi uğrunda mübarizənin bir hissəsidir. O insanlar təkcə Qarabağ cəbhəsində yox, başqa bir beynəlxalq cəbhədə də fəaliyyət göstərirlər. Belə olan təqdirdə onların hüquqları var. Yəni onların günlərinin hesablanması, Allah eləməsin, bir bəd hadisə ilə qarşılaşacağı təqdirdə onların və ailələrinin həyatının qorunması, onların statusu, sosial, tibbi təminatı və sair məsələləri çox vacibdir. Düşünürəm ki, bu yöndə müəyyən addımlar atılacaq.
O biri tərəfdən, cənab Ziyafət Əsgərov, mən hesab edirəm ki, Milli təhlükəsizlik haqqında qanunvericilikdə bir müddəa dəyişməlidir. Bu gün hörmətli Oqtay müəllimin verdiyi şərhdən sonra Rusiya mövzusuna toxunulmadı, hərçənd ki, kifayət qədər narazı mövqelər vardı. Milli təhlükəsizlik haqqında qanunvericilikdə Azərbaycanda xarici hərbi bazaların yerləşə bilməyəcəyi müddəası öz əksini tapıb. Bəlkə də bu o baxımdan edilib ki, kifayət qədər həssas bir bölgədə yerləşən Azərbaycan üçün bir az neytrallıq siyasətinin həyata keçirilməsi hərbi cəhətdən gərəklidir. Amma son hadisələr sübut edir ki, bu, mümkün deyil. Yəni bizim coğrafiyamızda ölkəmizi İsveçrəyə çevirmək mümkün deyil. Elə olan təqdirdə Azərbaycan regionda pozulan hərbi siyasi balansı yalnız öz ərazisində hərbi bazalar yerləşdirməklə bərpa edə bilər. Başqa alternativlər görmürəm, çünki təhlükəsizliyin təmin olunmasında başqa vasitələr, sadəcə, mövcud deyil. Mən parlamentdə başqa bir məsələni də irəli sürmək istəyirəm. Bu da Dağlıq Qarabağın, xüsusilə Şuşanın tamamilə erməniləşdirilməsi ilə bağlı məsələdir. Ötən dövrdə ermənilərin süni məskunlaşması ilə bağlı məsələyə xarici siyasət idarəmiz, parlament və digər qüvvələr etiraz eləyəndən sonra müəyyən fakt araşdırıcı missiya ayrıldı. Hər halda bu prosesin qarşısını ala biləcək müəyyən işlər görüldü. Hesab edirəm ki, Şuşanın bütün arxitekturasını, başdan-ayağa Azərbaycana bağlı hər bir izini tamamilə yox etmək onu erməni dünyasının mərkəzinə çevirmək istiqamətində olan fəaliyyətə, son günlər elan olunan növbəti maliyyə addımlarına bizim parlamentdən ciddi etiraz olmalıdır. Düşünürəm ki, bu, müəyyən nəticə verəcək, çünki başqa halda ermənilər bunu əvvəlki qaydada həyata keçirəcəklər. Onlar 2006-cı ildən bunu fəal olaraq həyata keçirməyə başlayıblar və məsələnin bu cür davam eləməsi onlara çox böyük imkanlar açmış olur. Bütövlükdə düşünürəm ki, bu sessiyanın gündəliyinə millətimizin maraqları ilə bağlı kifayət qədər məsələlər daxil edilib. Bunların reallaşmasında hər birinizə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibəti ilə bütün həmkarlarımı təbrik edirəm və yazda mükəmməl qanunlar qəbul edilməsini arzulayıram. Mən bütövlükdə işlər planının lehinə səs verəcəyəm və deputat həmkarlarımı da buna səs verməyə çağırıram.
Konkret olaraq bir qanun layihəsi barədə bəzi fikirlərimi demək istəyirəm. İstərdim ki, alternativ enerji mənbələri haqqında qanun layihəsinin bu sessiyada olmasa da, heç olmasa, payız sessiyasında qəbul olunmasına nail olaq. Çünki alternativ enerjidən istifadə bu günün aktual məsələlərindən biridir. Hətta Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Barak Obama ilk çıxışlarının birində alternativ enerjinin cəmiyyətdə mühüm rol oynadığını qeyd etmişdir.
Bilirsiniz ki, bu gün dünyada sürətlə qlobal istiləşmə prosesi gedir. Qlobal istiləşmə prosesinin ən mühüm hissəsi də energetikanın hesabına düşür. Məsələn, Azərbaycanda istehsal olunan enerjinin 85 faizi istilik elektrik stansiyalarının payına düşür. Bundan başqa bu qanunun qəbul olunmasını labüd edən səbəblərdən biri də odur ki, Azərbaycanda alternativ enerjinin istehsalı və istehlakı ilə bağlı ilk rüşeymlər vardır.
2004-cü il oktyabrın 21-də hörmətli cənab Prezidentimiz tərəfindən “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramında alternativ enerjinin termonüvə enerjisindən başqa əsas istiqamətləri – Azərbaycan üçün önəmli olan külək, günəş, geotermal və sair enerjilər göstərilmişdir. Külək enerjisi ilə bağlı onu deyə bilərəm ki, Azərbaycanda, xüsusilə Abşeron yarımadasında və Xəzər dənizi sahili boyunca olan bölgələrdə sürəti təxminən 7 metr/saniyə olan küləkli günlərin sayı 270-ə bərabərdir. Günəşli günlərin sayı isə təxminən 300-ə bərabərdir. Daha doğrusu, bunu energetika vahidləri ilə ifadə eləsək, günəş enerjisi ABŞ və Orta Asiya ölkələrində, – xahiş edirəm, diqqətlə fikir verin, – il ərzində 2500–3000 saat, Rusiyada 500–2000 saat, Azərbaycanda isə 2400–3200 saat arasındadır. Yəni dünyada ən günəşli günlər Azərbaycan məkanındadır.
Digər bir məsələni də söyləmək istəyirəm. Belə ki, bu il ərzində bir metr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500–2000, Rusiyada 800–1600, Fransada 1200–1400, Çində 1800–2000 kilovat- saatdırsa, Azərbaycanda bu rəqəm 1500–2000 kilovat-saata bərabərdir. Bundan başqa digər alternativ enerji mənbələri də var. Kiçik su-elektrik stansiyaları da alternativ enerji növünə daxildir.
Hamıya bəllidir ki, hələ 1990-cı illərin ortalarında dünyanın aparıcı ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarında, Rusiyada energetika sahəsinin istiqamətləri, perspektiv versiyaları hazırlanmışdır. Bu versiyalar müxtəlif aktlara əsaslansa da, hesablanma yolları müxtəlif olsa da, sonda o nəticəyə gəlinmişdir ki, bu gün ənənəvi enerji mənbələri saydığımız karbohidrogenlərin ehtiyatı 2050-ci ilə kimi tükənmək üzrə olacaqdır. Bu da dediyim məsələni daha perspektivli nöqteyi-nəzərdən önəmli eləyib.
Burada sual olunur ki, qanun niyə qəbul olunmalıdır? Bilirsiniz ki, bu qanunun qəbul edilməsi alternativ enerji mənbələrindən istifadəni tənzimləyəcək, yeni mənbələrin güclərinin artırılmasına stimul verəcəkdir. Bərpa olunan enerji mənbəyi ilə məşğul olan mütəxəssislər bu sahənin inkişaf perspektivinə şübhə ilə yanaşmırlar, bunu qəbul edirlər. Ən başlıca məsələ isə ölkədə bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə kapital qoyuluşu üçün hüquqi bazanın yaradılmasıdır. Hüquqi baza olandan sonra, əlbəttə, bu sahə geniş inkişaf edəcək. Bu sahəyə sahibkarların cəlb olunması, onların fəaliyyətlərinin tənzimlənməsi, enerjinin qiymətinin müəyyənləşdirilməsi və sair daxildir. Yaponiyanın “Tomen” Şirkəti Azərbaycan Elmi Tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırmışdı. İstər külək mühərrikinin, istərsə də günəş batareyalarının məhsuldarlığı onların həcmlərindən asılıdır. Aydındır ki, günəşdən gələn işıq şüaları ilə yanaşı, isti daşıyıcı şüalar da o fokusda öz yerini tapanda bu rəqəm arta da bilər. Digər tərəfdən, hesab edirəm ki, bu qanunun qəbul olunması həm də alternativ enerji haqqında ictimai şüurun formalaşmasına gətirib çıxaracaq. Çünki bəzi hallarda bizim cəmiyyət bu fikri, bu problemi axıra kimi anlamır. Ona görə, hörmətli Ziyafət müəllim, təklif edirəm ki, gələn sessiyada Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası bu işi tənzimləsin. Digər tərəfdən Azərbaycan Texniki Universitetində alternativ enerji mənbəyi ixtisası üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Həmin əməkdaşlar Avropanın aparıcı dövlətlərində, o cümlədən Yaponiyada təcrübə keçirlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında danışarkən ilk növbədə qeyd etmək yerinə düşər ki, dünyada baş verən iqtisadi böhranın Azərbaycana təsiri ilə bağlı Milli Məclisdə müəyyən müzakirələrin keçirilməsi və iqtisadi böhranı əngəlləyən, yaxud Azərbaycanda müəyyən sahələrdə dövlətin, hökumətin göstərə biləcəyi xidmətləri, ata biləcəyi addımları qanuniləşdirən, hüquqi sənədlər halına salan bir sıra proqramların qəbul olunması çox vacibdir.
Bilirsiniz ki, iqtisadi böhranın Azərbaycana təsirsiz ötüşəcəyi barədə deyilənlər özünü doğrultmur, Azərbaycan dünyadan təcrid olunmuş şəkildə yaşamır, dünya ilə tam halında yaşayır. İqtisadi böhran Azərbaycanın müxtəlif sferalarında – tikinti sektorunda, istehsal sahələrində, kiçik müəssisələrdə, fərdi təsərrüfatlarda çox ciddi problemlər yaradıb. İş yerlərinin sayı getdikcə azalır. İş yerlərindən azad olunma və yaxud məzuniyyətə göndərilmə haqqında kütləvi şəkildə qərarlar qəbul olunur. Nəticə etibarilə hökumət, İqtisadi İnkişaf Nazirliyi, başqa strukturlar optimal yollar axtarmalıdırlar ki, bu strukturların işləməsi üçün nələr edilməlidir, insanların iş yerini itirməməsi üçün hansı addımlar atılmalıdır. İnfrastruktur layihələrində əvvəlki sürətli tempin bir qədər aşağı salınması, amma prosesin davam etdirilməsi üçün müəyyən səmərəli yollar təklif olunmalıdır. Ən azı iqtisadi böhranın getdiyi dönəmlərdə ölkədə işsizlərin sayının minimum dərəcədə azaldılmasına, yəni iş yerlərinin tərk edilməsinin qarşısının alınmasına və hökumət tərəfindən fərdi təsərrüfatlara, yenicə qurulan orta sahibkarlığa yardım üçün ciddi şəkildə dəstək vermək lazımdır. Hesab edirəm, bu hökumətin hesabatına qədər Milli Məclisdə müzakirə olunmalıdır. Hökumətin hesabatı dönəmində də bu təkliflər Milli Məclis tərəfindən hökumətə təqdim olunmalıdır.
Yeri gəlmişkən, deyim ki, mart ayında hökumətin hesabatı gözlənilir. Dəfələrlə burada deməyimizə baxmayaraq, təəssüf ki, nə Xarici İşlər, nə Daxili İşlər, nə Milli Təhlükəsizlik, nə də Müdafiə nazirlikləri Azərbaycan Milli Məclisi qarşısında hökumətin tərkibində heç bir hesabat verməyiblər. Mən xahiş edərdim, Milli Məclisin rəhbərliyi nəzərə alsın ki, hökumət təkcə iqtisadi strukturlardan ibarət deyil, hökumət yalnız sosial siyasətin müəyyənləşdirilməsi istiqamətində və yaxud onun nəticələri barədə Milli Məclis qarşısında hesabat verməməlidir. Bu strukturlar da Milli Məclisdə hesabat verməlidirlər. Bizim bu sahədəki müxtəlif proseslərlə bağlı suallarımız var, o suallara alacağımız cavablar Milli Məclisdə öz əksini tapmalıdır.
Milli Məclisdə Diffamasiya haqqında qanun qəbul olunmalıdır. Bu gün yenə də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və onun nəticələri, o cümlədən Azərbaycana təzyiqlərlə bağlı danışıldı. Amma qeyd eləyək ki, Azərbaycanda Diffamasiya haqqında qanun qəbul edilmədən bu gün üç jurnalistin həbsdə olması da çox ciddi problemlər yaradır və Azərbaycanın adı müxtəlif sferalarda söz azadlığının pozulması ilə bağlı hesabatlara salınır. Nədən Eynulla Fətullayev, Qənimət Zahid, Mirzə Sakit həbsdən azad olunmamalıdır və Azərbaycanda Duffamasiya haqqında qanun qəbul edilib, söz və mətbuat azadlığının dövlət tərəfindən təmin olunmasına qanuni təminat verilməməlidir? Buna görə hesab edirəm, 2009-cu ilin yaz sessiyasının gündəliyində Diffamasiya haqqında qanun layihəsi də öz əksini tapmalıdır.
Mən Siyasi partiyalar haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı fikrimi cari məsələlərdə bildirdim. Ona daha geniş şəkildə toxunmaq istəmirəm. Qarabağ məsələsi də hökmən Milli Məclis səviyyəsində müzakirə olunmalıdır. Ölkədə baş verən proseslər, beynəlxalq aləm, Azərbaycan – ATƏT-in Minsk qrupu, Azərbaycan–Ermənistan arasında gedən danışıqlar və onun məntiqi sonluğu prosesin yenidən bu qədər uzanması barədə biz ciddi informasiya almalıyıq. Əgər ATƏT qarşısında bunun məxfiliyi qoruması ilə bağlı götürülən öhdəlik varsa, onda müəyyən nəticələrə qədər qapalı müzakirələr keçirilə və xarici işlər naziri qapalı şəraitdə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat verə bilər.
Burada referendumda iştirak edən müxalif qrupların imza toplaya bilməməsi, yerlərdə təzyiqin olmaması və imza vərəqələrinin qaytarılması ilə bağlı deputat həmkarlarımız müxtəlif fikirlər söylədilər. Mən istərdim ki, onun bir sıra detallarına toxunum və gərəkdirsə, Milli Məclis təşəbbüsçüsü olduğu bu referendumdan doğan nəticələri ən azı cari məsələlər səviyyəsində elə Milli Məclisdə müzakirə etsin. Deyirlər ki, imza vərəqi verilən şəxslər imza toplaya bilmirlər, onu gətirib Mərkəzi Seçki Komissiyasına təhvil verirlər. Məntiqə diqqət edirsinizmi? Mən Qazax rayonunda bir partiyanın rayon təşkilatının sədriyəm. Yerdə bir nəfərə imza toplamaq üçün vərəq vermişəm. Bu adamın mənim qarşımda öhdəliyi yoxdur, məndən qorxmur, məndən asılacağı yoxdur. Polis, icra strukturu, prokuror deyiləm ki, onun haqqında hər hansı bir tədbir görüm. Toplaya bilmirsə, qaytarıb özümə verər ki, qardaş, bağışla, mən imza toplaya bilmirəm. Nədən o ən azı 30 manat xərc çəkir, Bakıya gəlir, onu Mərkəzi Seçki Komissiyasına təhvil verir və deyir ki, bağışlayın, bunu mənə filan partiya vermişdi və biz imza toplaya bilmirik. Bunun arxasında düşünülmüş, şüurlu şəkildə təşkil edilmiş siyasi məqsəd dayanmırmı? Yəni Milli Məclisin təşəbbüskarı olduğu bir aksiyanın, bir prosesin, bir siyasi hadisənin bu şəkildə yerli icra strukturları və polis tərəfindən ən azı əngəllənməsinə elə birinci narahat olmalı orqan Milli Məclis olmalıdır. Təəssüflər olsun ki, Milli Məclis özünün təşəbbüskarı olduğu bir yerdə yaradılan qanunsuzluqlara hər hansı bir reaksiya vermir, əksinə, onu müdafiə edir və deyir ki, insanlar imza toplaya bilmirlər. Yaxud da Mərkəzi Seçki Komissiyasına guya aldadılaraq imza alınması barədə 600-dən yuxarı teleqramın daxil olması haqqında məsələ gündəliyə çıxarılır. Mərkəzi Seçki Komissiyasında da bu məsələ müzakirə olunur, mətbuata informasiya verilir.
Burada millət vəkilləri mövqe ifadə edirlər. Əvvəla, Ziyafət müəllim, Siz də çox gözəl bilirsiniz ki, hüquq imza verəndən sonra vətəndaşın hər hansı bir teleqramı ilə, – hətta hansı şəraitdə verməsindən asılı olmayaraq, – onun imzasını qeyri-hüquqi və yaxud da etibarsız hesab eləmir. Vətəndaş imza verib, getsin, referendumda əleyhinə səs versin və yaxud da lehinə səs versin. Bu imza toplama kampaniyası nəyə söykənir? İndi qeydiyyata təqdim olunub. Bir blokda təmsil olunan “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşəbbüs qrupları sənədlərini təqdim ediblər. Təbii ki, bu imza vərəqələrinin yerlərdən yığılması, siyasi partiya nümayəndələrinin əlindən alınması, imzaların teleqramlar vasitəsi ilə etibarsız hesab edilməsi həmin qeydiyyat prosesində özünü göstərəcək ki, bu da sistemli şəkildə əvvəlcədən hazırlanmış bir şeydir.
Hörmətli Zahid Oruc burada qeyd etdi ki, sanki Qarabağı respublika elan etmək uğrunda bir ad seçiblər. Bu nə absurd yanaşmadır? Biz ad qoymağı, hansı formada təbliğat aparmağı və referendumun mahiyyətini bu qədərmi bilmirik, Zahid Oruc burada bizə şeir, tuti nağılı danışır? Biz hansı adı seçməyin, niyə seçməyin kifayət qədər fərqindəyik. Buna görə də xahiş edirəm, bu tipli məsələlərdə, heç olmasa, etik normaları gözləsinlər. Məndən əvvəl çıxış edən həmkarlarımız dedilər, müxalifətin imza toplama kampaniyasında həbs olunan, cibinə narkotik qoyulan və sair insanların hamısını buraxın ki, Avropa Şurasında bizim ölkəmizin, dövlətimizin üzərinə bu tipli basqılarla gəlməsinlər. Bəli, biz də bilirik ki, Avropa Şurasında bizi sevməyənlər var. Biz də bilirik ki, Azərbaycanın problemlərinə, Azərbaycanın Cənubi Qafqazdakı strateji yerinə münasibətlərdə hansı dövlətlər necə mövqe sərgiləyirlər. Amma bunun üçün, heç olmasa, özümüz də imkan yaratmamalıyıq. Xırda bir məsələdən başlayan bir şeyi o qədər böyüdürük ki, nəticə etibarilə adam gedib ora siyasi dustaq kimi çıxır. Dövlət, hökumət səviyyəsində bunun qarşısını almaq o qədərmi çətindir? Sabirabadda iki nəfər imza toplayanı həbsə atmaqla nə dəyişir? Referendumun nəticəsi, referenduma münasibətmi dəyişir? Amma Avropa Şurasında münasibət dəyişir, Azərbaycan haqqında fərqli təsəvvürlər formalaşdırılır. Niyə bu təsəvvürləri formalaşdırırlar və niyə məsələyə bu şəkildə yanaşırlar? Ona görə günahın böyük bir qismini də burada bu tipli addımları atanlarda axtarmaq lazımdır. Hesab edirəm, Milli Məclis təşəbbüsçüsü olduğu referendumun yerlərdə doğurduğu nəticələrə, onun Azərbaycanın ictimai-siyasi həyatına, beynəlxalq aləmdəki yerinə kifayət qədər ciddi diqqət yetirməli və bunu müzakirə etməlidir. Mən hesab edirəm, referenduma qədər Milli Məclis ən azı öz təşəbbüsünə hörmət əlaməti olaraq bu məsələdə prinsipial mövqe tutmalıdır. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim edilmiş qanunvericilik işləri planında diqqəti cəlb edən bir sıra qanun layihələri var. Mənə elə gəlir ki, onları mütləq qeyd eləmək lazımdır. Bunlardan Mənzil Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Rəqabət Məcəlləsi, Təhsil haqqında və Elm və dövlət elmi-texniki siyasət haqqında qanun layihələri diqqəti cəlb edir. Hesab edirəm ki, bunlar Azərbaycanın üzümüzə gələn altı ayda ehtiyacı olduğu qanun layihələridir. Bu qanunların millətimiz və dövlətimiz üçün uğurlu olmasını diləyirəm.
Mənim qanunvericilik işləri planına iki konkret təklifim var. Birinci, yenə Məmməd Əmin Rəsulzadə mövzusudur. İki gün əvvəl Məmməd Əmin Rəsulzadənin doğum günü idi. 125 il əvvəl Məmməd Əmin bəy anadan olub. 125 yubiley ilidir, bu münasibətlə özünü milli və demokrat ruhlu vətəndaş hesab edən hər bir kəsi təbrik edirəm. Müxalifət partiyaları gücü çatdığı qədər bu hadisəni qeyd etdilər. Xaricdəki kültür dərnəkləri və kültür mərkəzləri həmçinin. Amma hakimiyyətdən səs çıxmadı. Doğrusu, bir Azərbaycan vətəndaşı kimi mənim üçün çox təəccüblüdür. Çünki, həqiqətən də, rəhmətlik Məmməd Əmin Rəsulzadə bu ölkənin siyasi həyatında iki-üç nəfər yubileyi keçirilməli olan dövlət adamından biridir. Azərbaycan Milli Şurası bir dəfə yaranıb və onun bircə sədri olub. Bu da Məmməd Əmin bəy Rəsulzadədir. Deyilən o fikri bir də təkrar eləmək istəmirəm. Hər halda Azərbaycan adının bugünkü dövlətin adında qalmasında, bu bayrağın olmasında, sessiyanın açılışında oxuduğumuz bu himndə bu insanın çox böyük xidmətləri var. Çox nəhəng bir dövlət adamıdır.
İran Senatının sədri olmuş və Məşrutə inqilabında çox böyük rolu olan Seyid Həsən Tağızadənin bir sözü var, məncə, Məmməd Əmin Rəsulzadənin tarixi rolu ilə bağlı ən dəqiq qiyməti o verib. Deyib ki, bizim bu müsəlman Şərqində misli, tayı-bərabəri olmayan insanlardan birisidir. Yaxşı, indi Azərbaycan Milli Şurasını qəbul etmirsiniz, onun sədrliyini, bu parlamentin, milli dövlətçiliyin yaranmasında rolunu qəbul etmirsiniz, heç olmasa, onun nəhəng ideoloq, milli məfkurənin ən seçilmiş şəxslərindən biri olmasını qəbul etmək məcburiyyətindəyik. O da keçməsə, heç olmasa, 125 illiyini qeyd eləmək üçün onun Azərbaycan jurnalistikasına verdiyi o töhfəni qeyd eləməyə dəyərdi. Yəni “Açıq söz” qəzeti ilə başlanan və “Azərbaycan” jurnalı ilə bitən onun jurnalist fəaliyyəti Azərbaycan jurnalistikasının, məncə, bunu deməkdə yanılmarıq, qızıl səhifələrdir. Azərbaycan mühacirətinin yaranmasında, bu gün qürur hissi keçirdiyimiz o mühacirətin fəaliyyətində, mühacir təşkilatlarının yaranmasında bu adamın rolu böyükdür.
Əslində, burada oturanların hamısı onu bilir. Amma niyə və yalandan da deyirlər ki, sevir. Məncə, haqlıdır, çünki sevməmək mümkün deyil. Bu adamın ölkəyə ən azından hakim partiyaya nə pisliyi keçib? Rəhmətlik Məmməd Əmin Rəsulzadə ömrünün sonunda üç dəfə “Azərbaycan” deyərək bu dünyadan köçüb. Onun yubileyinin keçirilməməsi, məncə, ən böyük yanlışlıqlardan biridir. Amma bu yanlışlığı düzəltmək olar, çünki bu il yubiley ilidir. Mən təklif edirəm, Azərbaycan Respublikasının Milli Məclisi Məmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi haqqında bir qərar hazırlasın və onu qəbul eləsin.
İkinci deyəcəyim məsələ soyadlarla bağlıdır və bununla da bağlı, mənə elə gəlir ki, bir qərara ehtiyac var. İcazənizlə, iki qadın həmkarımızı bu məsələdə nümunə və örnək olduqlarına görə təbrik etmək istəyirəm. Gültəkin Hacıbəyli və Məlahət İbrahimqızı müstəmləkə dövrünün atributlarından imtina ediblər. Soyadlar məsələsi burada bir neçə dəfə qaldırılıb. Cavabında deyiblər ki, bu hər kəsin öz işidir. Doğrudur, amma Soyadlarının milliləşməsi haqqında 1992-ci il qərarı və onun icrası xeyli çətinliklər yaradır. Soyadlarının milliləşməsi prosedurunun sadələşdirilməsinə böyük ehtiyac var. Xüsusən soyad kökünün dəyişdirilməsi proseduru çox ağırdır. Mənim seçicilərim, – bunların arasında çoxu akademiya əhlidir, – bu məsələni qaldırmağı xahiş edirlər. Hesab edirəm, bu, legitim arzudur. Təklif edirəm, müvafiq komissiyaya tapşırıq verilsin və 1992-ci il qərarında dəyişikliyi nəzərdə tutan layihə növbəti iclasların birində müzakirəyə çıxarılsın.
Bir məsələni də qeyd etmək istəyirəm. Bu da istənilən normal parlamentdə dinləmələrin, komissiyalarda müzakirələrin olmasıdır. Vacib deyil ki, bütün məsələlər plenar iclasa çıxarılsın. Hər sessiyanın əvvəlində mən bu təkliflə çıxış eləmişəm, bir daha bu təklifi vermək istəyirəm. Müxtəlif tipli məsələlər var, onların hamısının plenar iclasa çıxarılmasına ehtiyac yoxdur. Amma, deyək ki, bizim milli maraqlarımıza toxunan bir məsələnin müzakirə olunması həmin ölkəyə bir mesajdır. Onun qapalı keçirilməsi də mümkündür və yaxud jurnalistlər də dəvət edilə bilərlər. Niyə bu vasitədən istifadə olunmur?
Daha bir məsələ. Bunu mən keçən sessiyada da demişdim. Bu, Bakı əhalisinin böyük bir hissəsinin, xüsusən Xətai rayonu ərazisində yaşayan seçicilərimin əziyyət çəkdikləri kommunal problemlə bağlıdır. Xətai rayonunun əhalisi bu yay və payız kanalizasiya, zibil, su, elektrik, evlərin zirzəmilərinin su ilə dolması problemlərindən dəfələrlə şikayət ediblər. Amma onlar həll edilmir və görünür ki, yaxın vaxtlarda da həll edilməyəcək. Təklif edirəm, ya Sosial siyasət daimi komissiyasında, ya da bir neçə komissiyanın birgə iclasında bu məsələlər müzakirə olunsun. Bəlkə bu sahənin düzəldilməsi üçün bir qanuna ehtiyac var? Bəlkə bu müzakirələr nəticəsində icra hakimiyyətinə ağıllı bir tövsiyə meydana çıxdı. Ya da müvafiq strukturlar bəlkə millət vəkillərini və sakinləri inandıra bilərlər ki, bu sahələrdə vəziyyət idealdır, kanalizasiya, zibil, su və sair problemlər yalnız Xətai rayonunda var.
Bir məsələni də istəyirəm diqqətinizə çatdırım. Xətai rayonunun ərazisində əhalinin bir xeyli hissəsi ailəvi yataqxanalarda yaşamaqda davam edir. 16–18 kvadrat-metrlik birotaqlı mənzildə bir ailə, hətta iki ailə 15–20 il yaşayır. Bu çox kəskin bir sosial problemdir. Bu sakinlər kateqoriyası məsələsini mən bir neçə dəfə dilə gətirmişəm və bir daha bu məsələnin xüsusi müzakirə olunmasını təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də yaz sessiyasının qanunvericilik işləri planındakı qanun layihələrinə razılığımı bildirirəm, əlavə və fikirlərimi qeyd eləyəcəyəm. Bu qeydləri deməmişdən qabaq bir neçə məsələyə toxunmaq istəyirəm. Məndən öncə çıxış eləyən hörmətli Nəsib müəllim bir neçə məsələyə toxundu. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı, bilirsiniz ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bir neçə sərəncamı, fərmanı var. Bu fərman və sərəncamlar da daim yerinə yetirilib. Prezidentimiz tərəfindən də sərəncamlar və fərmanlar verilib. Burada deyildi ki, qeyd olunmur, yada salınmır, hakim partiyanı maraqlandırmır. Oqtay müəllim, Sizin rəhbərliyinizlə keçən il parlamentdə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi və parlamentin 90 illiyi ilə bağlı müxtəlif ölkələrin parlamentlərinin rəhbərlərinin iştirakı ilə böyük bir toplantı keçirildi. O cümlədən bütün bizim nazirliklər, komitələr, şirkətlər – bütün qurumlar öz fəaliyyətlərini bu tarixi günlə müəyyənləşdirdilər. Yəni bunun özü bir bariz nümunədir ki, Azərbaycan tarixinin hər bir dövrü Azərbaycan xalqı, dövləti üçün vacibdir, zəruridir və diqqət mərkəzindədir.
İkinci bir tərəfdən, 125 yaş yubiley deyil. Yubiley yaşı 130, 120, 110, 100 olur. 125 illiyi olub, təbriklər verilib, qəzetdə məqalələr dərc edilib, müşavirələr də keçirilib və sair. Bu da heç də yaddan çıxılası deyil. Ümumiyyətlə, o milli şurada bir qrup insan olub. Onlar Azərbaycanın görkəmli ziyalıları, mütəfəkkirləri olublar. Orada Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağayev və digərləri olubdur. Yəni bu məsələləri bir adamın adına bağlamaq lazım deyil. Burada hər bir insanın, həmçinin Məmməd Əmin Rəsulzadənin də xidməti olubdur. Ona görə də bunlar verilən fərman və sərəncamlarda ümumi şəkildə öz əksini tapıbdır və tapmaqda da davam edir.
Keçən il Azərbaycan Respublikası Prezidenti İcra Aparatının şöbə müdiri Əli Həsənov başda olmaqla Azərbaycanın bir qrup dövlət və hökumət nümayəndələri Türkiyədə Məmməd Əmin Rəsulzadənin məzarı üstündə 90 illiklə əlaqədar böyük bir toplantı keçirmədilərmi? Bilirsiniz, bir şeyi deyirsiniz, o birisini demirsiniz. Ya diqqət və yaddaş sarıdan problemlər var, ya da bu məsələlər qəsdən ortaya atılır. Yəni hər bir məsələyə toxunanda, hər bir məsələni yada salanda, mən hesab edirəm ki, bunlara xüsusi diqqət yetirmək lazımdır. Xalq, millət arasında ayrı-seçkilik yoxdur. Hərə birini çox istəyir. Bu insanı zorla vadar edə bilmərəm ki, sən çox istə, mən az istəyəcəyəm. Hərənin öz düşüncə, qəbuletmə tərzi var. Bu qəbul məcburi deyil. Tarix hər bir şəxsə, hər bir insana qiymət verir və bu proses davam etməkdədir.
Referendumla bağlı burada fikirlər söylənildi. Həmkarım Pənah Hüseyn, İqbal Ağazadə bu məsələ ilə bağlı fikir bildirdilər. Bu işlə məşğul olanlar çox gözəl bilirlər ki, istər imza toplamaq, istərsə də bu prosesləri həyata keçirmək partiyanın qərargahında oturub müşavirə keçirərək qəzetdə müsahibə vermək məsələsi deyil. Burada gərgin əmək, zəhmət, təşkilatçılıq, işi qurmaq lazımdır. Yeni Azərbaycan Partiyası min nəfər insanı səfərbər etmişdi ki, hər biri bir vərəqədə imza toplasın. 3 gün müddətində biz bunu topladıq, Mərkəzi Seçki Komissiyasına təqdim etdik. Bu gün o insanlar sizdə yoxdur. Biz onlara dəfələrlə treninqlər keçirmişik, qaydalar öyrətmişik.
Deyirsiniz ki, teleqram əsas deyil. Mülki hüququ keçsəydiniz, yaxşı bilərdiniz ki, aldatma yolu ilə bağlanılan əqdlər etibarsız hesab olunur. Yəni vətəndaşın yanına gedib deyirsiniz ki, Yeni Azərbaycan Partiyasına imza yığın. Sonradan vətəndaş başa düşür ki, bu, Yeni Azərbaycan Partiyasına deyil, respublika, Qarabağ, nə bilim, digər təşkilatlar üçün toplanır. Ona görə də teleqram vurur ki, qardaş, mən buna imza atmamışam. Mən Yeni Azərbaycan Partiyasının təşviqat qrupuna və yaxud da digərlərinə imza atmışam. Hüquqda bu çox gözəl, aydın şəkildə yazılıbdır ki, vətəndaş öz imzasından imtina edə bilər. Mərkəzi Seçki Komissiyasında Ümid Partiyasının nümayəndəsi var. Ümid Partiyasının bir neçə rayon təşkilatının sədri öz möhürü ilə sənədi göndərib ki, mən imza toplamaq istəmirəm. Məsələn, Yevlax rayon təşkilatının sədrinin cibinə 30 manat pulu biz qoyub göndərmişik ki, gəlsin, Mərkəzi Seçki Komissiyasına imza vərəqələri təqdim etsin? Bu insanlar görürlər ki, tutduğunuz yol düzgün deyil. Düz yolla getmirsiniz, onlar da bunu qəbul etmirlər.
Bu adam deyir ki, Sabirabadda iki nəfər tutulub. Mən zəng edib soruşdum. Bu adam indiyə qədər heç bir faydalı əməklə məşğul olmayıb. Bu günə qədər bir maaş cədvəlinə də qol çəkməyibdir. Bu adam indi siyasi məhbus olacaq və Səməd müəllim də gedib Avropa Şurasında bunun mübarizəsini aparmalıdır? Bu adamın indiyə qədər heç bir əmək fəaliyyəti yoxdur və buna deyirsiniz ki, get, imza topla. Azərbaycanın rayonlarında işsiz-gücsüz bir adama kim imza verəcək ki, mən bu adamın gətirdiyi sənədi dəstəkləyirəm, buna imza atıram? Qalan məsələlər hüquq mühafizə orqanlarının işidir. Onlar araşdıracaq ki, bu, narkomandır, narkoman deyil, narkotik vasitə daşıyır, satır, çəkir və sair.
Bilirsiniz, məsələyə korrekt və işi bilə-bilə toxunmaq lazımdır. Biz, əksinə, maraqlıyıq ki, bu prosesdə müxalifət partiyalarının təşəbbüs qrupları iştirak etsinlər, debatlara gəlsinlər, fikirlərini ortaya qoysunlar. Qərargahlara yığışıb çay süfrəsi ətrafında danışmasınlar. Gəlsinlər, bizimlə üz-üzə otursunlar, arqumentlərini ortaya qoysunlar, biz də konkret fikirlərimizi bildirək. Onların arqumentləri yoxdur, o insanlar heç bir fikir söyləyə bilməzlər. Elə tutuquşular kimi “referendum düzgün deyil”, “referendum düzgün deyil” kimi ifadədən əl çəkmirlər. Nəyə görə düz deyil, harası düz deyil, hansı maddəyə etirazın var? Milli Məclis çox düzgün qərar qəbul edibdir və bu qərar əsasında da fəaliyyət davam edir. Kimin seçiciləri ilə problemi varsa, getsin, aydınlaşdırsın. Bu nə dövlətin, nə hökumətin, nə iqtidarın, nə Yeni Azərbaycan Partiyasının, nə də Milli Məclisin üstünə atılmalıdır.
Mən hesab edirəm ki, yaz sessiyasında qanunvericilik bazamızı daha da gücləndirəcəyik. Vətəndaşlarımızın rifah halını yaxşılaşdırmaq üçün yeni addımlar atılacaq. Bayaq bir fikir söylənildi ki, bu ölkəni hara aparırsınız? Azərbaycanı işıqlı gələcəyə, inkişafa, tərəqqiyə, yeni-yeni layihələrin həyata keçməsinə aparırıq. Özünüz şahidsiniz, çıxdığınız rayonlara indi qayıdanda oraları tanımırsınız. O qədər abadlıq, quruculuq işləri görülübdür, o qədər rayon mərkəzləri, ayrı-ayrı kəndlər gözəlləşib, yollar, körpülər salınıb, yeni xəstəxanalar istifadəyə verilibdir. Azərbaycanda 2000-ə yaxın yeni məktəb binası tikilib istifadəyə verilib. Biz ölkəni bura aparırıq – oxunmağa, inkişafa aparırıq. Siz hara aparırsınız? Mitinqlərə, dağıdıcılıq fəaliyyətinə və başqa tərəflərə. İndi əhali qarşısında bu seçim durur. Onlar inkişafa, yoxsa sizin tutduğunuz bu yola səs verəcəklər? Təbii ki, onlar inkişafa səs verəcəklər. İndiyə qədər necə olubsa, bundan sonra da belə olacaq. Mən hesab edirəm ki, Milli Məclis də, dövlətimiz də bu səpkidə öz inkişafını davam etdirəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gündəliyin birinci məsələsi ilə əlaqədar 10 nəfər çıxış edib, 9 nəfər də qalıb. Yazılanlardan təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)

Lehinə 95
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. İclasımızı davam etdiririk. Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Hörmətli millət vəkilləri, Milli Məclisin qərar layihəsi sizdə var.
Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 41-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyası yenidən təşkil olunur və siyahı sizə verilib. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah Hüseyn tərəfindən bir məktub yazılmışdı. Ancaq bu müraciət ayın 30-da, 5-ci gün verilib. Bir təklifi var idi. Bilirsiniz ki, qanunvericiliyə uyğun olaraq İntizam komissiyası 7 nəfərdən ibarət olmalıdır. Gələn seçkilərdə baxarıq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.02 dəq.)

Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Ağacan müəllimi və komissiya üzvlərini təbrik edirik!
Növbəti məsələ Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Bu qərar layihəsi də sizdə var. Daxili Nizamnamənin 40-cı maddəsinə uyğun Milli Məclisin Hesablayıcı komissiyası yenidən təşkil olunur. Siyahı sizə verilib. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.03 dəq.)

Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Komissiya üzvlərini təbrik edirəm!
Növbəti məsələmiz Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqındadır. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, İqtisadi siyasət daimi komissiyası sədrinin müavini işini dəyişdiyinə, Prezidentin İcra Aparatına keçdiyinə görə daimi komissiyada müavin yeri boş qalmışdı. Mən təklif edirəm, Çingiz Rauf oğlu Əsədullayevi İqtisadi siyasət daimi komissiyası sədrinin müavini təyin edək. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.04 dəq.)

Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Həmkarımızı təbrik edirik! Hesab edək ki, indiki böhran dövründə İqtisadi siyasət daimi komissiyasında bir bank işçisinin olması çox lazımdır.
Növbəti məsələmiz “İmmiqrasiya haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklər edilməsi barədədir. Buyurun, Rəbiyyət Aslanova.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün “İmmiqrasiya haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. “İmmiqrasiya haqqında” Qanun 1998-ci ilin 22 dekabrında qəbul olunmuşdur. Zaman-zaman sənədə əlavə və dəyişikliklər edilmiş, bir sıra müddəalar oradan çıxarılmışdır. Bütün bu dəyişikliklər gerçəkliyin diktəsindən irəli gəlir. Çünki miqrasiya prosesi bu gün dünyanın qarşılaşdığı ən böyük problemlərdən biridir. Təkcə 3-cü dünya ölkələri deyil, həm də dünyanın ən aparıcı ölkələri məhz bu prosesin iştirakçılarıdır və bəlkə də bu gün dünyanın ən böyük problemlərindən biri də elə bu insan köçüdür, miqrasiya prosesidir.
Təsadüfi deyil ki, dünyanın aparıcı ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar miqrasiya ilə əlaqədar məsələnin düzgün tənzimlənməsini və gələcəkdə həmin ölkələrin qarşılaşa biləcəyi çətinlikləri nəzərə alaraq ayrı-ayrı ölkələrin milli qanunvericiliyində bununla əlaqədar olaraq əlavə və dəyişikliklərin edilməsi zərurətini gündəmə gətirirlər. Hətta bu gün ayrı-ayrı ölkələrdə böyük miqrasiya islahatları aparılır. Amerika kimi bir dövlət 2007-ci ildə böyük miqrasiya islahatı keçirdi. 2008-ci ildə Böyük Britaniya miqrantlarla əlaqədar bütün vizaların ləğv olunub yalnız 5 əsas kateqoriyalı miqrantların ölkəyə daxil olması məsələsini gündəmə gətirdi. Bu da olduqca vacib məsələ idi. 5 kateqoriya nə idi? Onlar ilk növbədə yüksək ixtisaslı mütəxəssislərin həmin ölkəyə gəlməsi məsələsini gündəmə gətirdilər.
Bu gün miqrantlarla əlaqədar dünyada müxtəlif modellər var. Hər birimiz hətta kontinental Avropa ilə Böyük Britaniya arasındakı, Amerika ilə Kanada arasındakı həmin o fərqləri görürük. Sözsüz ki, dünyanın bugünkü durumunda immiqrantlar problemi Azərbaycanı da narahat edən problemlərdəndir. Bu gün “İmmiqrasiya haqqında” Qanuna əlavə və dəyişikliyin edilməsi bu zərurətdən irəli gəlir. Öncə 2008-ci il 5 avqust tarixində Nazirlər Kabinetinin toplantısında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi sözləri xatırlatmaq istərdim: “Azərbaycanda iqtisadi inkişaf xaricdən işçi qüvvəsinin gəlməsini şərtləndirmişdir. Mən bilirdim və görürdüm ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Xaricdən işçi qüvvəsinin gəlməsinə hazır olmaq məqsədi ilə Dövlət Miqrasiya Xidməti yaradılıb. Mənə verilən məlumata görə, bu ilin 6 ayında əcnəbilərin işləmək üçün icazə alması halları 6 dəfə artmışdır. Mən bilirdim ki, Azərbaycanın imkanları, vəziyyəti, ölkədə gedən quruculuq işləri hansı nəticələrə gətirib çıxaracaq. Bir tərəfdən bu çox gözəl göstəricidir. Çünki Azərbaycan əcnəbilər üçün cəlbedici ölkəyə çevrilib. Onlar yüksək məvacib alan mütəxəssislərdir. Ancaq digər tərəfdən fəhlələr çoxdur və bunların sayı getdikcə çoxalır. Mən yenə də deyirəm ki, hər gələn vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam belə Azərbaycanda işləməməlidir. Biz istənilən anda bilməliyik, hansı xarici vətəndaş hansı gündə haradadır və nə işlə məşğuldur. Mən nə üçün buna böyük diqqət göstərirəm? Mən görürəm ki, bu problem gələcəkdə çox ciddiləşə bilər. Çox ciddi sistem yaratmalı və miqrasiya siyasətimizi daha da gücləndirməliyik”.
Yaxud möhtərəm Prezidentimizin innaqurasiya nitqindən: “Bu gün Azərbaycanda biz yeni problemlə, qanunsuz miqrasiya ilə üzləşirik. Bu gün Azərbaycana gələn işçi qüvvəsinin sayı gündən-günə artır. Bu, Azərbaycanın, bu günün reallıqlarıdır”. Məhz reallığın bu tələbi ilə “İmmiqrasiya haqqında” Qanunun 4 maddəsinə – “İmmiqrasiya haqqında vəsatət” maddəsinə 8-ci bəndin əlavə edilməsi gündəmdədir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, bu gün Azərbaycanda hər bir kəsi immiqrantların statusu, sayı, yerləşməsi, əsasən, hansı ölkənin vətəndaşları olması məsələləri hər birimizi maraqlandırır. Mən bununla əlaqədar olaraq Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimova müraciət etdim. Mən çox istərdim ki, Arzu Rəhimovun parlamentə göndərdiyi 3 səhifəlik, içərisində bir dənə də statistik rəqəm olmayan arayışından bir cümləni nəzərinizə çatdırım: “Ölkədaxili məcburi miqrasiyanın əsas subyektini məcburi köçkünlər, sosial-iqtisadi miqrasiyanın subyektini torpaq sürüşmələri, sel və digər təbii fəlakətlərlə, habelə meliorasiya işlərinin həyata keçirilməsi üçün lazımi vəsait və texnikanın olmaması üzündən torpağın şoranlaşması ilə əlaqədar olaraq yaşayış yerlərini dəyişməyə məcbur olan ekoloji miqrantlar, eləcə də kənd rayonlarının əmək qabiliyyətli əhalinin iş yeri tapmaq məqsədi ilə iri şəhərlərə, xüsusilə Bakıya və onun yerləşdiyi Abşeron yarımadasına axını ilə bağlı sosial-iqtisadi miqrantlar təşkil edir”.
Zənnimcə, urbanizasiya ilə immiqrasiyanı, miqrantlığı ayırd edə bilməyən və bunu göndərən insanlar başa düşməlidirlər ki, söhbət nədən gedir, immiqrant statusu kimə verilir, immiqrant statusu nədir. Əgər ölkədaxili miqrantların statusu ilə immiqrant statusunu ayırmaq mümkün deyilsə, belə bir sənədi Milli Məclisə göndərmək komissiyaya böyük hörmətsizlikdir. Dövlət Miqrasiya Xidmətinin Əsasnaməsində də yazılır ki, onlar milli qanunvericiliyin təkmilləşməsində iştirak etməlidirlər, bura öz töhfələrini verməlidirlər. Heç bir cavab almadıqdan sonra Daxili İşlər Nazirliyinə, Azərbaycan Miqrasiya Mərkəzinə, qeyri-hökumət təşkilatına müraciət etdim və nəticədə 200 səhifədən artıq kifayət qədər dolğun məlumat aldım. Nəticədə Azərbaycana nə qədər miqrant gəlib, nə qədər miqrant gedib, nə qədər qeyri-qanuni miqrant var – bununla əlaqədar müəyyən məlumat əldə etdim. Bu gün konkret kvota əsasında Azərbaycana gələn immiqrantların durumu, statusu müəyyən olunmalıdır.
Digər bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Qanun layihəsi kifayət qədər vacib sənəddir və biz əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə əlaqədar olaraq 5-ci maddədən müəyyən məqamları bura daxil edirik. Bu da onu göstərir ki, Azərbaycana daxil olan hər bir miqrantın gələcəkdə burada – Azərbaycanda yaşaması üçün vacib olan məqamlar, tələblər gerçəkləşəcək.
Ancaq digər bir tərəfdən, kimsə Azərbaycana gəlirsə və bu sənədləri tələb edirsə, ona yalnız 2 ildən sonra immiqrant statusu verilir. Bəs 2 il ərzində onun Azərbaycanda yaşamasını, nə ilə məşğul olmasını necə müəyyənləşdirəcəyik? Azərbaycana kifayət qədər adam gəlir, ancaq bunlar immiqrant statusunu yalnız 2 ildən sonra alırlar. Bu məsələ ilə əlaqədar biz yenə bu sənədə baxmalıyıq və Azərbaycana gələn həmin insanların durumu və hüquqlarının müdafiəsi ilə ciddi məşğul olmalıyıq.
Daxili İşlər Nazirliyinin verdiyi belə bir məlumatı sizin nəzərinizə çatdırmaq istəyirəm. 2008-ci il ərzində 54192 nəfər əcnəbi müvəqqəti qeydiyyata alınmışdır. 3786 nəfər əcnəbi və 1954 nəfər vətəndaşlığı olmayan şəxs də daimi qeydiyyatdadır. Bir var daimi, bir də var müvəqqəti qeydiyyat. Müvəqqəti qeydiyyata alınanların gələcək statusu müəyyən deyil.
Son illər Cənub-şərqi Asiya ölkələrindən Azərbaycana gələn immiqrantların sayı sürətlə artmaqdadır. Belə ki, respublikanın ayrı-ayrı rayonlarında yaşayan 50 nəfər çinli arasında aparılan sorğunun nəticəsində məlum olub ki, bu gün Azərbaycanda 6 mindən artıq çinli yaşayır. Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən Azərbaycana təkcə 2008-ci ildə gələn insanlar gedənlərdən daha çoxdur. Son 35 il ərzində belə hadisə olmamışdı. Bu gün Azərbaycana güclü axın var.
Qanuni immiqrantlardan başqa, qanunsuz immiqrantlar məsələsi də var. Hörmətli Prezidentimiz bu gün Azərbaycana qanunsuz miqrantların gəlməsi məsələsini gündəmə gətirmişdi. Düzdür, Dövlət Miqrasiya Xidməti ölkəyə nə qədər qanunsuz miqrantın gəlməsi barədə mənə heç bir sənəd vermədi. Dövlət Miqrasiya Xidmətinin özünün sərhəddə postları olmalıdır ki, gələn insanlar haqqında bizə məlumat versin. Onlar bunu vermədilər, amma Daxili İşlər Nazirliyi belə bir sənəd verib. Saxlanılanların 258 nəfəri Çin, 255 nəfəri Türkiyə, 107 nəfəri Pakistan, 48 nəfəri İran, 44 nəfəri Hindistan, 32 nəfəri Gürcüstan, 24 nəfəri Rusiya, 21 nəfəri Özbəkistan, 21 nəfəri Nigeriya, 19 nəfəri Banqladeş, 17 nəfəri Türkmənistan, 16 nəfəri Filippin, 11 nəfəri Şri-Lanka və başqa ölkələrdən gələn əcnəbilər olub ki, onlar geri qaytarılıblar. Bu böyük coğrafi məkan onu göstərir ki, Azərbaycan bu gün nə qədər cəlbedicidir. Bu, təkcə statistika deyil, onların hər biri Azərbaycana qeyri-qanuni gələn insanlardır. Bu miqrantların konkret uçotunu aparmalıyıq və bilməliyik ki, nə qədər gəlib, nə qədər gedib. Əgər bunların heç birinin statistikası aparılmırsa, niyə biz ayrı-ayrı qurumlardan bu hesabatı almalıyıq?
Mən fikrimi yekunlaşdırmaq istərdim. Demək istəyirəm ki, bu əlavə və dəyişikliklər, yəni Azərbaycana gələn, immiqrant statusu almaq istəyən insanların ölkədə qalması üçün vacib olan sənədlərə əlavə olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət qeydiyyatı haqqındakı müddəalar bu gün olduqca vacibdir, lazımdır. Gəlin, deyək, bu, milli təhlükəsizlik məsələsidir, yoxsa iqtisadi artıma xidmət edən məsələdir? Yəni bu gün Azərbaycana ucuz işçi qüvvəsimi lazımdır, yoxsa biz məsələyə tamamilə başqa bir mövqedən, yəni gələn immiqrantlara seleksiya baxımı ilə yanaşmalıyıq. Bu gün Azərbaycana yüksək peşəkar mütəxəssislər, beyin axını lazımdır. Ucuz işçi qüvvəsi isə onsuz da Azərbaycanda var. İngiltərəyə gələn ən ağıllı insanlara 3 ay ərzində yaşamaq üçün bütün şərait yaradılır və bizə də belələri lazımdır. Bu gün bizim işçi qüvvəsinə ehtiyacımız yoxdur.
Digər bir cəhəti deyim. Bu gün dünyanın ən aparıcı meqapolislərində miqrasiya xidmətləri və onların özlərinin proqramları var. Məsələn, Lujkovun yanında Moskva Miqrasiya Xidməti var. Onların proqramında şəhərə nə qədər miqrant gəlir, nə qədər gedir, harada işləyirlər, necə işləyirlər, işə götürənlərlə onların arasındakı münasibət çox dəqiq müəyyənləşdirilir. Bu gün Bakı artıq meqapolisdir. Bakının özündə belə bir miqrasiya proqramı varmı? Yoxdursa, niyə yoxdur? 2007-ci ildən fəaliyyət göstərən qurum niyə belə bir proqramı ortaya qoymayıb? Bu əlavə və dəyişikliklər zamanın, günün tələbidir və bu, gələcəyə ünvanlanmış bir məqamdır. Bütün bunları nəzərə alaraq mən hörmətli həmkarlarıma qısa bir məlumat vermək istərdim. Bunlar nəzarət funksiyasını daşıyan vacib bir əlavə və dəyişikliklərdir. Bununla əlaqədar “Dövlət rüsumu haqqında” Qanuna da əlavə və dəyişikliklər edilib. Sizin hər birinizdən xahiş edirəm ki, qanun layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Siz Daxili İşlər Nazirliyi haqqında bir az çox dediniz. Daxili İşlər Nazirliyi neçə on illərlə bazası olan böyük bir təşkilatdır. Onlarda hər şey olmalıdır. Mən Sizin tənqidlə razıyam. Ancaq Dövlət Miqrasiya Xidməti yeni yaranıb. Ona biz də kömək etməliyik. Ola bilər, suallar düz qoyulmayıb, Dövlət Miqrasiya Xidməti çox lazımlı komitədir. Bu qurumla biz çox sıx şəkildə işləməliyik ki, müəyyən məsələlər olanda onlara yardım edək. Mənimlə razısınız?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ziyad müəllim, Sizin çıxışınız var?
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, Rəbiyyət xanım ətraflı danışdı, dövlət rüsumu haqqında da təkliflərini dedi. Xahiş edirəm ki, millət vəkilləri qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də “İmmiqrasiya haqqında” Azərbaycan Respublikasının Qanununda gedən dəyişikliyi dəstəkləməklə yanaşı, hesab edirəm ki, bu çox ciddi məsələdir. Bu məsələ ətrafında bəlkə əlavə dəyişikliklərə də ciddi ehtiyac olacaq. Söhbət ondan gedir ki, statistik rəqəmləri Rəbiyyət xanım da açıqladı, Azərbaycana immiqrasiya sürətlə artır, immiqrantların sayı gündən-günə çoxalır. Artıq dünyanın hər yerində, o cümlədən Avropanın özündə, qonşu Rusiyada bu məsələnin üzərində ciddi işləməyə başlayıblar. İmmiqrasiyaya milli təhlükəsizlik məsələsi kimi baxılır, hər yerdə bunun üzərində ciddi düşünürlər.
Biz nə qədər immiqrant qəbul etməliyik? Onların sayının çoxalması bizim milli təhlükəsizliyimizə ciddi zərər vurmazmı? Odur ki, bizim də artıq bu məsələ barədə ciddi düşünməyimiz lazımdır. Azərbaycanda bu məsələ ilə bağlı kvotaların qanuna müvafiq şəkildə tətbiq olunmasına ehtiyac var. Artıq bilinməlidir ki, Azərbaycanın nə qədər immiqrant qəbul etməyə və yerləşdirməyə imkanı çatır. Onların çoxalması ilə yaranan hansısa ciddi problemlərin qarşısını almaq istiqamətində mübarizənin daha da sərtləşməsinə ehtiyac var.
Söhbət nədən gedir? Mən düşünürəm ki, bu məsələdə qonşu Rusiyada Baş nazir Putinin son addımlarının, bu qəbildən imzaladığı sənədlərin hamısı ona yönəlmişdir ki, ölkədə immiqrantların sayı azalsın və onlar, xüsusilə rus əhalisinin normal işləyə biləcəyi yerləri gəlib tutmasınlar. Rusiyada bu addımları atdılar.
Bizdə də belə məsələlər var və bu problem indi niyə daha da dərinləşib, çünki dünyada beynəlxalq iqtisadi böhran gedir. Xüsusi çəkisi olan ölkələrdə vəziyyət getdikcə ağırlaşır. Bizə Asiyanın əhalisi çox olan ölkələrindən axın daha çoxdur. Oradan gələn immiqrantlarla bağlı ciddi iş aparılmalıdır.
Məsələn, mən iş yerləri tanıyıram ki, həmin yerlərdə Çindən, Əfqanıstandan gələnləri günü 1 manatdan, 2 manatdan işlədirlər. Bizim iş sahibləri olan adamların çoxu deyir ki, onlar bizə sərfəlidirlər, çünki ölkələrindən elə vəziyyətdə gəliblər ki, sadəcə, quru çörək yeməyə də razılaşırlar. Əslində, iş yerlərimizdə nə qədər immiqrantın işləməsi ciddi şəkildə qanunvericiliklə tənzimlənməlidir. Bu prosesi sərtləşdirməliyik ki, işəgötürənlər immiqrantlar məsələsində məsuliyyət daşısınlar, çünki özümüzün kifayət qədər işə ehtiyacı olan insanlarımız var. Doğrudur, bizimkilər 1–2 manata işləmirlər, deyirlər ki, bu vəsait onların həyat şəraitini düzəldə bilmir. Beləliklə, onların yerini gəlib immiqrantlar tutur və bizim insanlarımız narazı qalırlar. İşçi qüvvəsinə ehtiyac duyulan yerlərdə, Allaha şükür, normal əmək haqqı vermək imkanları da var. Belədirsə, nəyə görə iş yerlərimizi özümüzünkülər yox, haradansa gələn, kiçik vəsaitlərə işləyən immiqrantlar tutmalıdırlar? Bu, sabah dövlətin təhlükəsizliyində də ciddi problemlər yaradar. Ona görə mən Rəbiyyət xanımın səsləndirdiyi bəzi məsələləri dəstəkləyirəm. Düşünürəm ki, qanunvericiliyimizdə immiqrasiya, kvota ilə bağlı mexanizmlər daha da möhkəmləndirilməli, cəzalandırma sanksiyaları müəyyənləşdirilməlidir. Çünki bizə gələn immiqrantlar daha çox, Rəbiyyət xanımın dediyi kimi, dördüncü, beşinci növdə olan şəxslərdir. Çox təəssüf ki, – Avropanın özündə də belə hesab olunur, – onların çoxalması təhlükəsizliyə ciddi problem yarada bilər. Bu baxımdan mən istərdim ki, qanunvericilik qaydasında bu məsələlər sərtləşdirilsin. Xüsusilə immiqrantlarla bağlı işə götürənlərin münasibətləri qanunla tənzimlənməlidir.
Ümumiyyətlə, 8 milyon yarım əhalisi, bu qədər ərazisi, gücü olan ölkənin nə qədər immiqrant qəbul edə biləcəyini, bundan sonrakı vəziyyəti artıq düşünmək lazımdır. Bu təhlükəli axının qarşısını almaq üçün ciddi mübarizə aparmaq, buna imkan verməmək üçün qanuni immiqrasiya məsələləri xüsusilə sürətlənməlidir. Bu baxımdan, mən düşünürəm ki, burada səslənən fikirlərə diqqət yetirilməlidir. Təbii ki, bu sahəyə cavabdeh orqanlar həmin məsələdə güclərini artırmalıdırlar. Bu, təkcə Azərbaycanın məsələsi deyil. Bu gün Avropanın hər yerində insan haqları ciddi təşviş doğurur. Onların özləri də müvafiq addımlar atırlar. Bəzən də heç insan haqlarını düşünmədən də təhlükəli addımlar atırlar. Odur ki, biz öz ölkəmizin təhlükəsizliyini qorumalıyıq. Qanun, hüquq çərçivələrində bütün bu məsələlərin daha da sərtləşdirilməsinə ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Bütün fikirlərlə razılaşmaqla bərabər, eyni zamanda, bir məsələni də müzakirə edək. Burada Azərbaycan üçün qiymətlər, əsasən, aşağı rəqəmlərlə götürülübdür. Bizim özümüz üçün şəxsiyyət vəsiqəsi yox, xarici pasport almağa çəkdiyimiz xərclər qiymətlərdən hər zaman yüksək olubdur. Güman eləmirəm ki, biz bu cür aşağı qiymətlər göstərməklə vəziyyəti yüngülləşdirmək haqqında düşünürük. Mənə elə gəlir ki, məsələni bəlkə bir az da çətinləşdirmək barədə fikirləşməliyik. Nəyə görə bu cür olmalıdır?
Məndən öncə səslənən çıxışlarda qeyd edildi ki, fəhlə sinfinə aid olan insanların əməyinə ehtiyac duyularsa, Azərbaycanda kifayət qədər belə işçi qüvvəsi vardır. Bu gün immiqrantlar arasında daha çox yüksək ixtisaslı kadrlara böyük tələbat hiss olunur. Məsələn, konkret olaraq göstərmək olar ki, səhiyyə sahəsində bilikli, təcrübəli mütəxəssislərə ehtiyacımız böyükdür. Yüksək ixtisaslı həkimlərə, hətta orta tibb personalına da böyük ehtiyac var. Bunu Azərbaycanın Səhiyyə Nazirliyində, bütün səhiyyə müəssisələrində də bilirlər. Əgər belə immiqrantlar Azərbaycana gətiriləcəksə, bu, xeyrimizə olan bir məsələdir, çünki peşəkarlıq baxımından onlar Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirlər. Konkret olaraq bayaq çıxışlarda da deyildi ki, heç bir ixtisası olmayan fəhlələr nəyəsə xeyir vermirlər. Bu məsələnin, əksinə, qanunlarla qarşısını kəsmək lazımdır.
Bayaq bizim komissiyanın sədri çıxış edəndə, mənim içimdə, nəhayət ki, sevinc hissi yaşandı. Biz, doğrudan da, bəzi məsələlərdə azərbaycanlılara məxsus olan hörməti, ehtiramı çox zaman özgəsinə bəsləyirik, özümüzünküləri fikirləşmirik. Amma bütün məsələlərdə, əslində, hər şeydən qabaq bunu fikirləşməliyik.
Allah eləməsin ki, hansısa ölkədə müharibə olsun. Məsələn, konkret olaraq çeçen müharibəsi ilə bağlı bir faktı göstərmək istəyirəm. Çeçenistanda müharibə olanda Azərbaycana çoxlu çeçen qaçqınlar gəlmişdilər. Onların bir qismi deputatlarımızın yaşadıqları ərazilərdə məskunlaşmışdılar. Hər kəsə məlumdur ki, çeçenlər onda bütün müvafiq icra qurumları üçün kifayət qədər problemlər yaratdılar. Yaxşısı bu olardı ki, biz onlara istər təhsildə, istərsə də səhiyyədə humanitar yardım edəydik. Biz isə onları ölkəyə gətirdik və nəticədə nə qədər problemlərlə üzləşdik.
Burada daha bir məsələ də var. Bu, sosial təminatla bağlıdır. İmmiqrantlardan, bilmirəm, nə dərəcədə vergilər yığıla ki, onunla sosial təminat məsələləri həll oluna bilsin. Bu adamların sabah ailələri, özləri ilə bağlı səhiyyə problemləri yaranarsa, onda necə olmalıdır? Onlar daha çox riskli sahələrdə işləyirlərsə, bu sahədə səhiyyə problemləri yaranarsa, həmin məsələlər, yəqin ki, Azərbaycan dövlətinin hesabına həll olunmalıdır. Hər şey bir yana qalsın, sabah, Allah eləməsin, burada kiminsə burnu qanasa, hadisə haqqında məlumat həm Azərbaycanın öz mətbuatında, həm də kənar mətbuatda işıq üzü tapacaq. Yayılacaq ki, Azərbaycanda filan ölkədən gələn adamın başına bu iş gəldi. Ona görə, mənə elə gəlir ki, burada bir konsepsiya olmalıdır.
Şübhəsiz ki, qapılarımızı bağlaya bilmərik, çünki qloballaşan dünyada yaşayırıq. Deyə bilmərik ki, bizim ölkəmizə heç kəs gəlməsin. Hər halda siyasətimiz ondan ibarət olmalıdır ki, bizə gərəkli insanlar gəlsinlər. Odur ki, kifayət qədər müəyyən məqamları sərtləşdirməyə çalışmalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Təəssüflər olsun ki, bizə gərəkli insanlara öz ölkələrində də ehtiyac çoxdur. Belələri ölkəmizə çox az hallarda gəlirlər. İkinci, bir də təəssüf hissi ilə soruşmaq istəyirəm ki, siz niyə tikinti işçilərini ixtisassız adamlar sayırsınız? Tikintidə də ixtisaslı adamlar çalışmalıdırlar. Biz Tikinti Məcəlləsi qəbul edirik. Tikinti elə-belə sahə deyil, orada da ixtisaslı adamlar çalışırlar. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Müzakirə olunan qanun layihəsi, yəni bu düzəliş vacib məsələdir. Buna birtərəfli baxmaq lazım deyil. Buna hər iki tərəfdən yanaşmaq lazımdır. Bu, dünyada gedən bir prosesdir. Tutaq ki, Azərbaycandan dünənə qədər Türkiyəyə, oradan da Almaniyaya, yaxud başqa bir ölkəyə gedirdilər. Yaxud ruslar Polşaya, Polşadan Çexiyaya, oradan da Böyük Britaniyaya gedirlər. Bu cür yanaşmaqla, hesab etmirəm ki, hər yeri bağlamalıyıq, ölkəyə heç kəsi buraxmamalıyıq. Oqtay müəllim çox gözəl dedi ki, istedadlı kadr elə öz vətənində də xeyirli sayılır, onun başqa yerdə iş axtarmasına ehtiyac qalmır. İşi o adam axtarır ki, bir yerdə qərar tuta bilmir.
Keçmişdə də olurdu ki, insanlar tez-tez yerlərini dəyişirdilər, yəni bir yerdə duruş gətirə bilmirdilər. Ən ciddi məsələ odur ki, təhlükəsizlik məsələsinə fikir verilsin. Azərbaycan–Ermənistan müharibəsi ilə əlaqədar gələn insanların içərisində hansı dinə-imana qulluq eləməyi bəlli olmayanlar ola bilər. Təhlükəsizlik məsələsi ilə yanaşı, başqa-başqa bölmələrin nümayəndələri də işçi qrupu adından bura üz tuta bilərlər.
Azərbaycan kiçik bir məmləkət, kiçik bir ölkədir və bura marağı olan dövlətlər çoxdur. Marağı olan dövlətlər bu və ya digər formada təhlükəli insanları bizə göndərə də bilərlər. Ona görə nəzarət xidmətləri ciddi olmalı və bunlar dəqiq araşdırılmalıdır. O ki qaldı bunların qarşısını kəsməyə, o da mümkün deyil. Sahibkar Azərbaycanda, təbii ki, birinci növbədə azərbaycanlının hüququnu qorumalıdır. Amma bizimkilər işləmirsə, sahibkar neyləsin? O da işləyən axtarır da! Bundan qabaq belə idi ki, xalası oğlunu, dayısı oğlunu, bibisi oğlunu gətirib işlədirdi. İndi sahibkar görür ki, bibisi oğlu oğrudur, dayısı oğlu isə işi bilmir. Fikirləşir ki, bunlarla işləsə, onun müəssisəsi müflisləşəcək, sonra da düşəcək quyunun dibinə.
O dövr keçib. Azərbaycanda yeni biznes, yeni iqtisadi münasibətlər formalaşıb. Hamı kim işləyə bilir, onu axtarır. Təbii ki, biz qanunlarla yerli işçilərimizin hüquqlarını qorumalıyıq. Yerli işçi də fikirləşməməlidir ki, sovet hökumətinin vaxtında olduğu kimi, gəlim 6 saat fırlanım, gedəndə də qoltuğuma nəyi isə vurum, götürüm aparım. Azərbaycanda artıq bu cür iş rejimi yoxdur.
Bizə işə düzəlməklə əlaqədar çoxlu sayda insanlar müraciət edirlər. Deyirik, çox yaxşı, tikinti idarəsində iş var, zəng edək, get. Deyirlər, yox, orada ciddi nəzarət var, işləmək çətindir. İşləmək istəyənlər də nəzarətçi olmaq istəyirlər, yüngül yer axtarırlar. Əhalinin hamısı nəzarətçi olmaz ki? Bu cür problemin ortaya çıxmasını mənim deputat həmkarlarım da qeyd elədilər.
Bu gün Azərbaycanda böyük abadlıq-quruculuq işləri gedir. Elə sahələr var ki, orada mütəxəssis çatışmır. Keçmişdə peşə-texniki məktəblər vardı, onlarda qaynaqçı, rəngsaz və digərlərini yetişdirirdilər. Belələri bir az yaşlı nəsil arasında qalıb. Gənclər arasında bu sənətlərə yiyələnən insanlar artıq yoxdur. Ona görə də məcburiyyət qarşısında qalırlar, oradan-buradan mütəxəssis gətirirlər. Doğrudur, ilk növbədə, bu addımları atarkən təhlükəsizlik məsələsinə baxmaq lazımdır. Qalan hallar isə dünyada gedən bir prosesdir. Bu məsələlər dəqiqləşdirilib qanun-qayda ilə həyata keçirilməlidir. Çalışmalıyıq ki, Azərbaycana qeyri-qanuni immiqrantlar gəlməsinlər. Rusiya, Gürcüstanla bağlı bir şeyi də demək istəyirəm. Gürcüstanda bizim soydaşlarımız yaşayırlar. Gürcüstan vətəndaşı olan azərbaycanlıların bura gəlmələri də dediyimiz prosesdir. Onlar oranın vətəndaşı kimi gəlir, amma azərbaycanlıdırlar. O cümlədən Rusiyada olan azərbaycanlılar oranın vətəndaşlığını alıblar, indi də gəliblər vətənə. Bunlara da əcnəbilər kimi eyni statusun qoyulması məsələsinə, hesab edirəm, bir balaca diqqətlə baxmalıyıq. Qanunda da axtarmalıyıq ki, bu azərbaycanlıdır, Gürcüstanda yaşayır, nəyə görə isə gəlib. Pakistandan, yaxud Çindən gələnlə onlara eyni statusla yanaşmamalıyıq. Mən bu düzəlişə səs verəcəyəm və deputat həmkarlarımı da buna çağırıram. Rəbiyyət xanım bir neçə detalı dedi, onlara ciddi fikir vermək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Mən də həmkarlarımın o mövqeyini bölüşürəm ki, həqiqətən də bu, demoqrafik-iqtisadi olmaqdan daha çox təhlükəsizlik məsələsidir. Avropa ölkələrində buna yönələn çoxlu beynəlxalq tədbirlər, konfranslar və sair keçirilir. O ölkələr daxili cəmiyyət mühitini, iqtisadi mühiti və sairi qorumaq üçün buna yönələn ümumi model qanunlar hazırlayıb qəbul edirlər. Əlbəttə, o fikir doğrudur ki, Azərbaycan beynəlxalq aləmin tərkib hissəsi olandan sonra, sovet dövründəki kimi, qapılarını hər bir əcnəbinin üzünə bağlaya bilməz. Bu, onda Azərbaycanla Ermənistanın millilik baxımından vəziyyətini eyniləşdirərdi. Amma başqa tərəfdən də açıq qapı siyasətinin çox ciddi nöqsanları, qüsurları, burada deyildiyi kimi, ən müxtəlif səviyyələrdə reallaşa bilər.
Birinci, şübhəsiz ki, bura daxil olan ayrı-ayrı əcnəbilər potensial kəşfiyyat ünsürü, vasitəsi və obyektidirlər. Bu mənada, əlbəttə, məsələ ilə bağlı cənab Prezidentin müşavirədə söylədiyi fikirlərində vurğulandı ki, daxili əmək bazarı qorunmalıdır, çünki o bazar birinci növbədə Azərbaycanın buradakı vətəndaşları üçündür. Burada o fikirlər də gerçəkdir ki, ixtisaslı kadrlar önəmlidir. Başqa vasitələrlə kimisə hansısa bir işlə təmin eləmək o şirkətə, müəssisəyə fayda gətirməyəcəksə, o bunu etməyəcək. Amma yaxın Rusiyanın həyatında baş verən hadisələr, ümumiyyətlə, immiqrasiya şərtlərinin sərtləşdirilməsi istiqamətində atılan addımlar açıq şəkildə onu sübut edir ki, postsovet məkanı olan ölkələrin hamısında bu yöndə tədbirlər həyata keçiriləcəkdir. Yəni bizim iradəmizdən asılı olmayaraq, hər bir ölkə xüsusilə də qlobal iqtisadi böhran şəraitində gündən-günə dərinləşən işsizlik probleminin həlli yollarında bu cür axından öz daxili həyatını qorumalı, ən müxtəlif sərtləşdirici şərtlərə əl atmalıdır.
Hesab edirəm ki, ümumiyyətlə, immiqrasiya şərtləri hər bir ölkənin səviyyəsinin göstəricisidir. Bunu müəssisənin, şirkətin özünün öhdəsinə buraxmaq, hansı səviyyələrdə isə işçilər götürməsinə imkan vermək olmaz. Mənə elə gəlir ki, ölkənin nəyə tələbatı olduğu haqda yetərincə məlumatlar var və buna müvafiq də immiqrasiya siyasəti yürüdülməlidir. Düşünürəm ki, artıq Azərbaycanın beynəlxalq aləmə nəzər yetirərək bu gün immiqrasiyanı tərkib hissəsinə çevirməklə yanaşı, həm də özünü qoruması yönündə təsirli addımlar atması gərəkdir.
Bir başqa məsələ də nədən ibarətdir? Xalqın mentaliteti, həqiqətən də, inkarolunmazdır. Məsələn, Rusiya sərt tədbirlərə həm də ona görə gedə bilmir ki, postsovet məkanı ölkələrindən onların həyatına daxil olanlar, onlarla ailə quranlar, rus mühitini, rus ictimai rəyini, yaxud da genini dəyişənlər onlar üçün çox da təhlükə sayılmırlar. Ruslar fikirləşirlər ki, azərbaycanlılarla və ya keçmiş SSRİ çətiri altında olanlarla birgəyaşayışın müvafiq nümunəsini tapıblar. Bunların hamısını öz ölkəsindən çıxarsalar, onların yerini son dərəcə islaholunmaz Çin vətəndaşları və sairləri tutsalar, bu, dövlət üçün daha çətin olacaq. Biz də belə bir məsələni nəzərə almalıyıq. Yəni onlar düşünürlər ki, bu cəmiyyətin mental vəziyyətini dəyişəcək qərarlara çox da gedilməsin.
Bütövlükdə məsələ ətrafında hamı öz fikirlərini bölüşmüş oldu. Düşünürəm ki, Rəbiyyət xanım da burada çox faydalı məsələlər qaldırdı. Mən də onunla razılaşıram ki, müvafiq qurumların bu yöndə məsuliyyəti artmalıdır və onlar parlamentdən gedən hər bir sorğunun çəkisini dəyərləndirməlidirlər. Mən də irəli sürülmüş dəyişikliklərə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M. İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Mən də “İmmiqrasiya haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara əlavə və dəyişikliklərin edilməsini yüksək qiymətləndirirəm və buna səs verəcəyəm, həmkarlarımı da buna dəvət etməklə bildirirəm ki, həqiqətən də, bu gün müzakirə etdiyimiz əlavə və dəyişikliklər ciddi məsələdir. Hörmətli həmkarlarımın bunu təhlükəsizlik məsələləri ilə müqayisə etmələri heç də yanlış deyildir. Mən bir neçə fikrimi demək istəyirəm. Bu gün Azərbaycan cəmiyyətində əcnəbilərlə bağlı hansı reallıq mövcuddur? Qeyri-qanuni Azərbaycana gəlmiş əcnəbilərlə əlaqədar monitorinq aparsaq, görərik ki, bu immiqrantlar bizə faydalı işlərlə məşğul deyillər. Biz onları harada görərik? Onların heç birini Azərbaycanın küçələrini təmizlədiyini, burada ehtiyac duyulan məşğulluq sahəsində çalışdığını görmürük. Biz ağır zəhmət tələb edən tikinti işlərində əcnəbilərə rast gəlmirik. Əcnəbiləri, xüsusilə Çindən gələnləri şəhərimizin küçələrində, hətta Gədəbəyin ucqar kəndlərində görə bilərik. Biz onlarla ictimai-iaşə müəssisələrində, restoranlarda, şadlıq evlərində rastlaşırıq. Evlərə qulluqçu, uşaqlara dayə götürülən əcnəbilər də var.
Mən bu yaxınlarda QİÇS mərkəzinə zəng etdim və telefonla oradan müəyyən məlumatları götürmək istədim. Mənə belə bir məlumat verdilər ki, Azərbaycanda müstəqillik əldə edildikdən bu günə qədər belə xəstələrin sayı əcnəbilər, xüsusilə qeyri-leqal gələn xarici ölkə vətəndaşları arasında daha çoxdur. Bayaq hörmətli Siyavuş müəllim qeyd etdi ki, Azərbaycanda müxtəlif dini missionerliklə məşğul olan əcnəbilər həm də bu xəstəliklərin çox ciddi daşıyıcı və yayıcılarıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində əcnəbilərlə bağlı milli mənafelərə, milli maraqlara uyğun çox təkmil qanunlar və qaydalar qəbul olunur. Bu qanunlarda təkcə milli maraqlar deyil, həm də əcnəbilərin bütün hüquqlarının müdafiəsinə yönələn məsələlər nəzərə alınır.
İstər qanuni, istər qeyri-qanuni immiqrantların sağlamlıq, səhiyyə problemlərini, onların tibbi müayinədən keçməsi məsələlərini, adətən, vətəndaşları olduqları dövlətlər öz üzərinə götürürlər. Bu gün mən də bu dəyişiklikləri çox dəyərləndirir və immiqrasiya, məşğulluq, səhiyyə, sosial problemlərlə bağlı qanuna daha mütərəqqi dəyişikliklərin əlavə edilməsini zəruri hesab edirəm. Mən bir fikri də demək istəyirəm. Burada təklif qaldırıldı ki, rüsumlar, həqiqətən də, çox azdır. Biz özümüz öz qohumlarımıza, öz ailə üzvlərimizə xarici pasportlar alarkən çox yüksək məbləğdə rüsum ödəyirik. Bu, şəxsiyyət vəsiqələrini almaq üçün ödənilən rüsumlardan çox yüksəkdir. Hesab edirəm ki, indi olmasa da, gələcəkdə bu rüsumlara bir də baxılmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də bütün həmkarlarımın çıxışları ilə razıyam. Doğrudan da, bu, Azərbaycan üçün həm çox maraqlı, həm də yeni bir məsələdir. Burada iki yol var. Ya gərək qanun qəbul edib qabaqlayıcı tədbirlər görəsən, ya da bu işin içinə girdikcə, problemlər çıxdıqca onlara dair dəyişikliklər aparasan. Biz hələlik ikinci yolu seçmişik. Mən razıyam ki, bank məlumatları olmalıdır, immiqrasiya komitəsi bir az güclü işləməlidir və buna da biz yardım etməliyik.
Burada bəzi məsələləri dedilər. Məsələn, Rəbiyyət xanım dedi ki, Daxili İşlər Nazirliyindən statistik məlumat alıb ki, 16 filippinli var. 16 filippinlini elə bir dəfə Milli parka çıxanda görə bilərsən. Yəni bu məlumat düzgün deyil.
İkinci, Qənirə xanım deyir ki, gününə 1 manatdan işləyən immiqrantlar var. Dünyada belə immiqrantlar, belə işçi qüvvəsi yoxdur. Ən kasıb ölkələr sayılan Filippində, Tailandda elə orta əmək haqqı 80, 100 ABŞ dollarıdır. Yəni belə immiqrasiya ola bilməz.
Problemlər çoxdur, amma bu problemləri təkcə belə bir qanunda dəyişiklik etməklə aradan qaldırmaq çətindir. Əgər təkliflər varsa, onları hazırlayıb öz tərəfimizdən verək. Mən də hesab edirəm ki, bu, çox lazımlı qanundur və biz bu dəyişiklikləri qəbul etməliyik. Başqa təklif yoxdur ki? Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.44 dəq.)

Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələmiz Arıçılıq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. İkinci oxunuşdur. Eldar İbrahimov, buyurun.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Arıçılıq haqqında Azərbaycan Respublikasının qanun layihəsi Milli Məclisdə birinci oxunuşda müzakirə olunanda çıxış edən hörmətli həmkarlarım bu qanunun insanların sağlamlığı və fəaliyyətində, yeni iş yerlərinin açılmasında və yoxsulluğun azaldılmasında vacibliyini, onun aktuallığını və qəbul edilməsinə ehtiyac olduğunu bildirmiş, ölkəmizin arıçılıq məhsulları ilə dünya bazarına çıxmaq imkanlarını yüksək qiymətləndirmişlər. Bununla yanaşı, hörmətli deputatlar layihə ilə əlaqədar bir çox iradlar, rəy və təkliflər də bildirmişlər. Bu irad və təkliflərə işçi qrupunda baxılmış, bunlar komissiyada müzakirə edilmiş və qanun layihəsi ikinci oxunuş üçün hazırlanarkən, əsasən, nəzərə alınmışdır.
Qanun layihəsinin 27 maddəsinə 81-dən artıq əlavə və dəyişikliklər edilmiş, 7 maddəyə yeni müddəalar əlavə olunmuş, layihə dil və quruluş baxımından bir daha redaktə edilərək təkmilləşdirilmişdir. Qanun layihəsinə edilən əlavə və dəyişikliklər sizə paylanmış variantda qara hərflərlə verilmişdir ki, ikinci oxunuşla birinci oxunuş arasındakı fərqləri əyani surətdə müqayisə edə biləsiniz.
Milli Məclisin üzvü, hörmətli həmkarım Tahir Rzayev qanunun vacibliyi barədə öz fikirlərini bildirməklə yanaşı, arıçılıq sahəsində ali təhsilli mütəxəssislərin olmamasını və ümumiyyətlə, bu sahədəki kadr azlığını nəzərə çatdıraraq Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında arıçılıq kadrlarının hazırlanması ilə məşğul olan fakültənin açılmasını təklif etmişdir. Həqiqətən də, ölkəmizdə arıçılıq üzrə mütəxəssislər və kadrlar çatışmır və bunu nəzərə alaraq layihənin 5.0.11 və 27.1-ci maddələrində arıçılıq sahəsində mütəxəssislərin hazırlanması və bu sahədə çalışanların ixtisaslarının artırılması müvafiq icra hakimiyyətinə həvalə edilmişdir. Bildiyiniz kimi, Milli Məclis qəbul etdiyi qanunlarda icra strukturlarına konkret tapşırıqlar nəzərdə tuta bilmədiyinə görə bu məsələ dövlətin vəzifəsinə aid edilmişdir.
Hörmətli Əli Məsimli öz çıxışında arıçılığın əhəmiyyəti barədə və qanun layihəsində arıçılığın inkişafını təmin edən əsas məsələlərin yığcam və yüksək səviyyədə hazırlandığını bildirdi. Eyni zamanda, arıçılıqda dövlətin mülkiyyət payının çox cüzi, 0,8 faiz olmasını nəzərə alaraq layihənin 5-ci maddəsindən “dövlət idarəetməsinin” sözlərinin çıxarılmasını və həmin maddədə nəzərdə tutulan müddəalarda “dövlət tənzimlənməsi” kimi verilməsini təklif etmişdir. Əli müəllimin bu təklifi nəzərə alınmış və müvafiq düzəliş aparılmışdır.
Hörmətli həmkarım, eyni zamanda, yüksək keyfiyyətli bal istehsal edilməsində müəyyən çatışmazlıqların mövcudluğuna görə öz narahatlıqlarını bildirmiş və arıçılığın inkişaf etdirilməsində damazlıq arıçılıq təsərrüfatlarının yaradılması və onların müxtəlif mənbələr hesabına stimullaşdırılması məsələlərinin qanun layihəsində dərc olunmasının da vacibliyini qeyd etmişdir.
Bildirirəm ki, qanun layihəsi hazırlanarkən bal və digər arıçılıq məhsullarının yüksək keyfiyyətinin təmin edilməsi arıçılığın inkişafının əsas prinsipial məsələsi kimi qarşıya qoyulmuş və layihənin 18-20-ci maddələrində bunlara geniş yer verilmişdir. Belə ki, 18-ci maddədə arıçılıq məhsullarına dair müasir tələblərə cavab verən standartların hazırlanması, 20-ci maddədə sertifikatlaşdırılmamış məhsulun satışa çıxarılmasına yol verilməməsi, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən bal və digər arıçılıq məhsullarını satışa çıxaranların məsuliyyətə cəlb edilməsi və digər məsələlər öz əksini tapmışdır. Əli müəllimin bu məsələ ilə əlaqədar iradı nəzərə alınaraq, həmin maddələr yenidən işlənərək göstərilən tələblər bir qədər də dəyişdirilmiş və ciddiləşdirilmişdir.
Damazlıq arıçılıqla bağlı bildirmək istəyirəm ki, bu məsələnin incəlikləri “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bununla belə, Əli müəllimin təklifi nəzərə alınaraq qanun layihəsinin 5, 12 və 26-cı maddələri yenidən işlənilmiş və göstərilən məsələlər layihədə əksini tapmışdır.
Hörmətli deputat həmkarım Elton Məmmədov qanun layihəsinin vacibliyi barədə geniş və hərtərəfli müsbət rəy bildirmiş və eyni zamanda, layihədə ekologiya sahəsində maarifləndirmə işi ilə bağlı bir bəndin salınması barədə təklif irəli sürmüşdür. Onun təklifi nəzərə alınmış və layihənin 5.0.14, 5.0.15 və 13.4-cü maddələrində bu məsələ əksini tapmışdır.
Hörmətli deputat həmkarım Havva xanım Məmmədovaya qanun layihəsi barədə söylədiyi xoş sözlərə görə minnətdarlığımı bildirir və qeyd etmək istəyirəm ki, həmkarımın layihə barədə təklifləri işçi qrupunda diqqətlə araşdırılmışdır. Havva xanım arıçılığın inkişaf etdirilməsi üçün arıçılıq məhsullarının satışı ilə məşğul olan ixtisaslaşdırılmış mağazalar və satış yerlərinin təşkil olunmasını təklif etmişdir. Bildirirəm ki, bu təklif nəzərə alınmış və layihənin 20.5-ci maddəsində əksini tapmışdır. Həmin maddədə göstərilir ki, arıçılıq məhsullarının satışı xüsusi mağazalarda, mağazaların ayrıca bölmələrində və onların keyfiyyətinə və digər xüsusiyyətlərinə zərər gətirməyən, müvafiq normativ sənədlərin tələblərinə cavab verən yerlərdə təşkil edilir. Eyni zamanda, bildirirəm ki, bal və digər arıçılıq məhsullarının analizini aparan laboratoriyanın yaradılması qanunun predmeti olmadığından layihədə bu barədə müddəanın əks olunması mümkün deyildir. Bununla belə, layihədə sertifikatlaşdırılmamış bal və digər arıçılıq məhsullarının satışına qadağa qoyulması, seleksiya, damazlıq proqramlarının təsdiq edilməsi və icrası haqqında müvafiq müddəalar vardır. Bunlara əməl olunması göstərilən laboratoriyaların yaradılmasını zəruri edəcəkdir.
Havva xanım arıçılıq təsərrüfatlarını narahat edən mühüm məsələyə, yəni köçəri arıxanaların balyığma mənbələrinə köçürülməsində ciddi maneələrin olmasına diqqəti cəlb etmiş və layihədə bu maneələrin aradan qaldırılmasını təmin edən maddələrin yer almasını təklif etmişdir. Bildirirəm ki, layihənin 13, 15, 16 və 25-ci maddələrində bu barədə konkret müddəalar əks olunmuşdur və hesab edirəm ki, onların icrası göstərilən çatışmazlıqları aradan qaldıracaqdır.
Hörmətli deputat həmkarımız Rafael Cəbrayılov öz çıxışında “rayonlaşdırılmış arı cinsləri” dedikdə nəyin nəzərdə tutulmasının anlaşılmadığını və layihənin 1-ci maddəsində buna aydınlıq gətirilməsini təklif etmişdir. Onun təklifi nəzərə alınaraq layihədə 1-ci maddəyə yeni anlayış əlavə edilmişdir.
Hörmətli Rafael müəllim layihənin 15.2-ci maddəsində “əhalinin təhlükəsizliyinin təmin olunması üçün arı ailəsi olan pətəklər səhiyyə, maarif, məktəbəqədər tərbiyə və mədəniyyət müəssisələrindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədə yerləşdirilməlidir” müddəasına etiraz edərək, bu maddədən “səhiyyə, maarif, məktəbəqədər tərbiyə, mədəniyyət müəssisələri” sözlərinin çıxarılmasını, onların əvəzinə “meşə fondu, digər ümumi istifadə olunan bağlar və sair” sözlərinin yazılmasını təklif etmişdir. Bildirirəm ki, maddədə söhbət arı pətəklərinin yaşayış məntəqələrində yerləşdirilməsinin xüsusiyyətlərindən gedir. Layihədə adı çəkilən müəssisələrdə, əsasən, immuniteti zəif və arı sancmasına daha həssas uşaqlar, yeniyetmələr və xəstə insanlar olduğuna görə arı pətəkləri elə yerləşdirilməlidir ki, arıları qıcıqlandıran və insanları sancmağa vadar edən hərəkətlərə imkan olmasın və həmin ərazidəki əhalinin sağlamlığına təhlükə yaranmasın. O ki qaldı arıxanaların qeyri-yaşayış məntəqələrindən kənarda yerləşdirilməsinə, həmin ərazilərdə, yəni meşə, bağ və sairlərdə kənar adam az olduğuna və ya heç olmadığına görə insanların sağlamlığına arılar təhlükə yaratmır. Ona görə də həmin maddə layihədə olduğu kimi saxlanılır.
Rafael müəllimin bir təklifi də 19.6-cı maddədə göstərildiyi kimi, “ekoloji təmiz” və “pəhriz” sözlərinin etiketin üzərində yox, arıçılıq məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılmasına həsr olunmuş 18-ci maddədə əks etdirilməsi barədədir. Bununla əlaqədar bildirirəm, həmin sözlər məhsul markalanarkən etiketin üzərində olmalıdır ki, alıcı seçim hüququndan istifadə edə bilsin. Eyni zamanda, bu sözlərin etiketin üzərində göstərilməsi reklam xarakterli olmaqla məhsulun qiymətinə də təsir edir. Bunlar birbaşa istehlakçıya ünvanlanmış və onun marağına uyğun məlumatlardır. Digər tərəfdən, istehlakçıya məhsulun standartı və sertifikatı təqdim edilmədikdə və etiketdə yalnız standartın və ya məhsulun texniki şərti nömrəsi və sertifikatlaşdırma orqanının adı yazıldıqda istehlakçı həmin məlumatları ala bilmir. Ona görə də hesab edirik ki, göstərilən sözlərin, layihədə qeyd edildiyi kimi, etiketdə əks olunması istehlakçıların mənafeyinə daha uyğundur. Eyni zamanda, layihədə “ekoloji təmiz” sözləri “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanuna uyğun olaraq “EKO-keçid” və “EKO” sözləri ilə əvəz edilmişdir.
Qanun layihəsinin birinci oxunuşunda deputat həmkarlarım Ərəstun Cavadov və Xanhüseyn Kazımlının söylədikləri təkliflər nəzərə alınaraq layihənin 6, 7, 9 və 10-cu maddələrinə müvafiq əlavələr və dəyişikliklər edilmişdir. Göstərilənlərdən başqa, layihə komissiyada birinci və ikinci oxunuşda müzakirə olunarkən hörmətli komissiya üzvləri Eldar Quliyev, Miri Qənbərov, Ərəstun Cavadov, Novruzəli Aslanov, Tahir Süleymanov və Azər Kərimlinin bir çox dəyərli təklifləri layihənin 17-yə qədər maddəsində öz əksini tapmışdır.
Birinci müzakirədə deputatlarla yanaşı müvafiq nazirlik, komitə və digər təşkilatların nümayəndələri də layihə ilə əlaqədar öz təkliflərini bildirmişlər. Onların da təklifləri nəzərə alınaraq müvafiq əlavələr və düzəlişlər edilmişdir. Layihənin təkmilləşdirilməsində fəal iştirak edən, dəyərli təklif və iradlarını bildirən deputat həmkarlarıma dərin minnətdarlığımı və təşəkkürümü çatdırıram.
Hörmətli deputat həmkarlarım! Mən Arıçılıq haqqında qanun layihəsini ikinci oxunuşa hazırlayarkən irəli sürülən təklif və iradların əsasında layihəyə edilən əlavə və dəyişikliklər barədə sizə məlumat verdim. Layihənin ikinci oxunuşuna dair verəcəyiniz təklif və söyləyəcəyiniz iradlara görə əvvəlcədən, hörmətli həmkarlarım, Aqrar siyasət daimi komissiyasının üzvləri adından dərin minnətdarlığımı bildirirəm. Komissiya hesab edir ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə uyğun olaraq müzakirəyə hazırdır. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, qanun layihəsinin bu variantına Prezidentin İcra Aparatının Aqrar siyasət və qanunvericilik, Hüquq, ekspertiza məsələləri şöbələrində də baxılmış, müvafiq düzəlişlər haqqında təkliflər verilmişdir. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Eldar müəllim, əyləşin. Hörmətli deputatlar, artıq qeyd olunduğu kimi, bu qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim edilir, ona görə də qanun layihəsinin əsas kimi qəbul olunmasına, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.56 dəq.)

Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Hörmətli deputatlar, Daxili Nizamnaməyə görə, biz ikinci oxunuşda qanun layihəsini fəsil-fəsil müzakirə edə bilərik. Əgər etiraz etməsəniz, biz bütün fəsilləri müzakirə edək, səsverməni fəsil-fəsil aparaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Lap yaxşı, onda müzakirəyə başlayırıq. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Arıçılıq haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşa hazırlanması barədə Aqrar siyasət daimi komissiyasının sədri, həmkarımız Eldar müəllim ətraflı məlumat verdi. Mən də arıçılığın kənd təsərrüfatının inkişafında, yüksək keyfiyyətli, ekoloji təmiz məhsulların istehsalı, insanların sağlamlığının qorunması, məşğulluğun artırılması, ətraf mühitin yaxşılaşdırılması sahəsindəki rolu və digər üstünlükləri barədə əlavə məlumatlar vermək istərdim.
Aparılan arxeoloji qazıntılar sübut edir ki, hələ ibtidai insanlar arı balının nə olduğunu yaxşı bilirdilər. Eramızdan 5000 il əvvəl Misirdə arıları ev heyvanları kimi yetişdirib onun təkcə balından yox, həm də digər məhsullarından müalicə, kosmetik və konservləşdirmə vasitəsi kimi istifadə edirdilər. Qədim Çində eramızdan 3000 il əvvəl baldan müalicə vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Hindistanda yaranan “həyat kitabı”nda isə sağlamlığın qorunmasına balın müsbət təsiri təsdiq olunmuşdur. Görkəmli təbib, filosof İbn Sina eramızdan 1000 il əvvəl “Tibb elminin qanunu” kitabında bir çox xəstəliklərin müalicəsində baldan istifadəyə dair 150-dən çox təklif vermişdir. Bal qida kimi yüksək keyfiyyətə malik olmaqla bərabər, həm də insan üçün çox vacib immuno-bioloji antimikrob təsirə malik maddələr ilə zəngindir. Ona görə orta tibbi norma kimi hər bir adamın ildə 11 kiloqram baldan istifadə etməsi məsləhət görülür. Lakin dünyanın heç bir ölkəsində adambaşına bu qədər bal istehsal və istehlak olunmur.
İnkişaf etmiş ölkələrdə son vaxtlar hər hansı bir məhsulun reklamı və təşviqində əsas amil kimi ekoloji təmizliyə üstünlük verilir. Ona görə də dünya əhalisinin ekoloji təmiz təbii qida məhsullarına böyük tələbatı vardır. Arıçılıq təbii qida məhsulları istehsalının ən perspektiv sahəsi kimi qəbul olunur. Bunu nəzərə alaraq hazırda dünyada arıçılığın inkişafına ciddi diqqət yetirilir. İndi iqtisadiyyatı inkişaf etmiş əsas ölkələr Amerika Birləşmiş Ştatları, Argentina, Türkiyə, Çin, Rusiya hesab edilir.
Ölkəmizin dağlıq və aran bölgələrində arıçılığı inkişaf etdirmək üçün təbii şəraitimiz mövcuddur. 7 növ arıçılıq məhsulu vardır: bal, arı südü, apitoksin, arı mumu, çiçək tozlayıcısı, propolis, ambroziya. Azərbaycanda isə təkcə bir növ, ancaq bal məhsulu istehsal olunur. Lazımi şəraitin olmasına baxmayaraq, arı südü, mum və digər məhsullar, demək olar ki, respublikada istehsal edilmir. Mütəxəssislərimizin hesablamalarına görə Azərbaycanda yerli tələbatı ödəmək üçün bal istehsalını ən azı 8 dəfə artırmaq lazımdır. Ekspertlər hesab edirlər ki, ölkəmizin coğrafi şəraiti, bitki örtüyü 450 min arı ailəsi saxlamağa imkan verir. Bu halda bal istehsalını ildə 13-15 min tona çatdırmaq mümkündür.
Bal ilə yanaşı digər arıçılıq məhsulları da çox böyük əhəmiyyətə malikdir. Xüsusilə arı südünün əhəmiyyəti dünyanın aparıcı mütəxəssisləri tərəfindən təsdiq edilmişdir. Belə ki, arı südünün tərkibində insan orqanizminin qocalmasının qarşısını alan maddə olduğu müəyyən edilmişdir. Bu maddə orqanizmin bütün hüceyrələrini bərpa edir, təzələyir və xəstəliklərin qarşısını alır. Bundan əlavə, bu maddə artıq vitaminləri orqanizmdən kənar edir və orqanizmin müdafiə qabiliyyətini yüksəldir. Buna görə də arı südü dünyanın ən bahalı dərmanlarından sayılır. Xarici ölkələrdə bu məhsulun istehsalına həm də böyük məbləğdə gəlir əldə etmək mövqeyindən yanaşılır. Təsadüfi deyil ki, Yaponiya hər il Çindən 1000 tona yaxın arı südü idxal edir və yaponların uzunömürlü olmalarını təmin edən əsas amillərdən biri də bu, hesab olunur. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Quba, Şəki, Xızı, Gədəbəy rayonlarında bu məhsulun istehsal olunduğunu qeyd edirlər. Onların məlumatlarına görə istehsalçılar balı arı südünün qatışığı ilə satışa çıxarırlar və bu qatışıq məhsulun qiyməti adi balın qiymətindən iki dəfə yüksək olur.
Məlumat üçün qeyd etmək istəyirəm ki, apitoksin, yəni arı zəhəri də xüsusi müalicəvi əhəmiyyətə malikdir. Arı sancması ilə müalicə “apiterapiya” adlandırılır. Bu məqsədlə uzun neştəri olan arı növlərindən istifadə edilir. Azərbaycanda apiterapiya məqsədi ilə qabaqtəpər növlü arılardan istifadə olunur. Bu üsulla müalicə zamanı apitoksin lazımi yerə təbii yolla yeridilir. Ekspertlərin rəyinə görə apitoksindən adi dərmanlar vasitəsilə müalicə oluna bilməyən revmatizm, radikulit, podaqra, artroz və digər xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.
Kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında da arıçılığın çox böyük rolu var. Misal üçün, Kanadada meyvə bağlarının arılar vasitəsilə tozlandırılmasından hər il 1 milyarddan çox əlavə gəlir əldə edilir. Arıların nektar yığımı üçün bir budaqdan digərinə qonması bitkilərin tozlanmasına şərait yaradır. Aparılan tədqiqatlardan müəyyən olunmuşdur ki, bitkilərin arılar vasitəsilə tozlandırılması məhsuldarlığı 40 faizə qədər yüksəldir. Xarici ölkələrdə bağ sahibləri məhsuldarlığı artırmaq məqsədi ilə bitkilərin tozlanması dövründə arı evciklərini müəyyən müddətə icarəyə götürür və bununla da verdikləri icarə haqqından 10-15 dəfə artıq gəlir əldə edirlər. Lakin bu üsul Azərbaycanda tətbiq olunmur. Bu da kənd təsərrüfatı ilə məşğul olan bir çox şəxslərin belə məsələlərdə məlumatsız olduqlarını bildirir.
Bal arılarının əməksevərliyi yaxşı məlumdur. 1 kiloqram bal almaq üçün 40 min arı 6 milyon çiçəyə qonur. Bal arıları bir arı şanını doldurmaq üçün 100 kilometrlərlə məsafə qət edirlər. Maraqlı odur ki, bal arısı öz çəkisindən 300 dəfə artıq yük götürə bilir. Bal arıları təmiz, saf və işgüzar olduqları üçün arıxananın yerləşdiyi ərazinin təmiz və sağlam, hətta arıçının xoşniyyətli adam olmasını tələb edir. Belə şəraitdə yüksək məhsuldarlıq götürmək olar. Əks təqdirdə isə arılar həmin arıxananın ərazisini tərk edirlər. Məhz bu xüsusiyyətlərinə görə də arıları “ətraf mühitin barometri” adlandırırlar. XX əsrin görkəmli alimi Albert Eynşteyn əbəs yerə deməmişdi ki, arılar məhv olandan 4 il sonra insanlar da dünyanı tərk edəcəklər.
Onu da bildirmək istəyirəm ki, son illərdə Amerika Birləşmiş Ştatları və Avropanın bir çox ölkələrində arıların kütləvi ölümü qeydə alınır. Alimlər bunu stresin və mobil rabitə şəbəkələrinin, radiostansiyaların təsiri ilə əlaqələndirirlər. Bununla bağlı Böyük Britaniyada 140 min adamın imzası ilə Baş nazirə müraciət edilmiş, hökumət və əlaqədar təşkilatlardan təcili tədbirlər görülməsi tələb olunmuşdur. Hazırda Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya, İngiltərə və digər inkişaf etmiş ölkələrdə arıçılığın tənzimlənməsinə dair qanunlar qəbul edilmiş və qaydalar müəyyən olunmuşdur. 1897-ci ildə yaradılmış “Apimondiya” Beynəlxalq Arıçılıq Təşkilatı arıçıların beynəlxalq əlaqələrinin inkişafına çox böyük təsir göstərib.
Kənd təsərrüfatının inkişafı, ətraf mühitin mühafizəsi, eləcə də insanların sağlamlığının qorunmasında arıçılığın böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, ölkəmizdə arıçılığın vəziyyəti ürəkaçan deyil. Belə vəziyyət bizi qane etmir. Respublikamızın çox əlverişli təbii iqlim şəraiti, yəni qışın qısa, mülayim keçməsi, dağlıq ərazilərin çoxluğu, aran zonasında bitkiçiliyin inkişafı və digər amillər arıçılığın sürətlə inkişafına nail olmağa, yüksək keyfiyyətli arıçılıq məhsullarını istehsal etməyə və xarici bazara çıxarmağa imkan verir.
Digər tərəfdən başqa təsərrüfat sahələri ilə müqayisədə arıçılıq o qədər də zəhmət tələb etmir. Az bir vaxt ərzində arıçılıqla məşğul olmaq mümkündür. Bu təsərrüfatı idarə etmək üçün müəyyən dövrdə gündə bir neçə saat iş aparmaq kifayət edir. Buna görə də kiçik sərmayə sərf etməklə bir həvəskar bir neçə arı evciyi saxlayaraq bu sahənin inkişafına yardım etməklə yanaşı, yüksək gəlir əldə edə bilər. Bunun üçün isə arıçılığın hüquqi bazasının yaradılmasına və çox ciddi və məqsədyönlü proqramların həyata keçirilməsinə və bu sahənin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac vardır.
Bunları nəzərə alaraq komissiyamızın üzvləri qanunvericilik təşəbbüsündən istifadə edərək bu gün müzakirəmizə təqdim olunan qanun layihəsini hazırlamışlar. Hesab edirəm ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və bunu qəbul etmək olar. Mən deputat yoldaşlarımdan, eləcə də sədarətdən xahiş edirəm ki, bu gün ikinci oxunuşla bir yerdə qanun layihəsi üçüncü oxunuşda da qəbul olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar! Mənə elə gəlir ki, qanun layihəsi haqqında birinci oxunuşda konseptual baxımdan, ikinci oxunuşda çox ətraflı danışılıb. Yəqin ki, yeni fikir söyləyib sizi təəccübləndirmək çox çətin olar. Yalnız bir faktı demək istərdim. Belə bir fikir burada səslənməyib. Ümumiyyətlə, şüurlu insanın fəaliyyətinə heyvanlar aləmindən ən yaxın fəaliyyət növü arının fəaliyyəti hesab olunur. Dünyada bu sahədə çox böyük tədqiqatlar aparılmışdır. Mənə də elə gəlir ki, qanun layihəsi tam mükəmməl hazırlanmış, hətta ictimai müzakirədən də keçmişdir. Ölkənin bir çox arıçıları qanun layihəsinin həm komissiyada, həm də birinci oxunuşda müzakirə prosesinə qatılmışlar. Mən hətta deyərdim ki, müzakirələr zamanı arıçılıqla bağlı yaranan xüsusiyyətlərdən irəli gələn hər bir xırda məsələyə belə toxunulmuşdur. Ona görə də hesab edirəm ki, yenidən təhlilə ehtiyac yoxdur. Arzulayardım ki, hamı tərəfindən mühüm sahə kimi qeyd olunan arıçılıq həm də sahibkarların, iş adamlarının diqqətində olsun.
Bir faktı da qeyd etmək istərdim. Birinci oxunuşda qeyd olundu ki, hazırda Türkiyə dünyada ən çox bal istehsal edən ölkələrdən biridir. Bir vaxt Türkiyədə bu işə necə başlanılmasını diqqətinizə çatdırmaq istərdim. Bir məşhur Əli Nihad adında milyonçu, iş adamı arıçıları toplamış, məktəb açmış, onlara arılar paylamış və beləliklə, Türkiyədə bal istehsalını hazırkı səviyyəyə gətirib çıxarmışdır. Mən də hesab edirəm ki, qanun layihəsi çox mükəmməl hazırlanmışdır. Əgər həmkarlarım lazım bilsələr, bu qanun layihəsi üçüncü oxunuşda da qəbul edilə bilər.
Sədrlik edən. Sağ olun. Miri Qənbərov.
M.Qənbərov. Hörmətli deputatlar, komissiyanın sədri Eldar İbrahimov qanun layihəsi ilə bağlı çox geniş, hərtərəfli məlumat verdi. Komissiyanın iclasında da mütəxəssislərin iştirakı ilə bu barədə geniş müzakirə aparıldı. Azərbaycanda arıçılıq çox qədimdən yaranıb. Buna heç kimin şübhəsi yoxdur. Dağ rayonlarında da bu sahə çox inkişaf etmişdir. Son illərə qədər bu sahədə müəyyən inkişaf olmuşdur. Mən Lerik rayonunu misal gətirmək istərdim. 1990-cı illərə qədər, yəni sovet dövründə Lerikdə arıçılıq sovxozu yaradılmışdı. Ola bilsin, bir neçə rayonda da belə sovxozlar var idi. Bu arıçılıq sovxozu çox böyük iş görürdü, ildə 15-20 ton xalis bal təhvil verirdi. 1990-cı illərin əvvəllərində nədənsə bu sovxoz ləğv olundu və arıçılıq sahəsində müəyyən gerilik yarandı.
Mən Lerikdən üç nəfərin imzası ilə məktub almışam. Onlardan biri biologiya elmləri doktorudur, digərləri ömürləri boyu arıçılıqla məşğul olan adamlardırlar. Onlar bizim bu layihəni, Milli Məclisin qanun layihəsi ilə bağlı müzakirələrini çox bəyənir və minnətdarlıqlarını bildirirlər. Eyni zamanda, təkliflər də verirlər. Mənə elə gəlir ki, həmin təklifləri burada oxumağa ehtiyac yoxdur. Bu təkliflər komissiyaya veriləcək və gələcəkdə bunlardan istifadə olunacaqdır. Mən deputat həmkarlarıma minnətdaram ki, bugünkü qanun layihəsinə diqqətlə yanaşıblar. Komissiya üzvlərinə və eyni zamanda, bütün deputatlara minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elton müəllim.
E. Məmmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün müzakirə etdiyimiz Arıçılıq haqqında qanun layihəsi kənd təsərrüfatının vacib sahələrindən birinə, qədim dövrlərdən insanların məşğul olduqları arıçılığın inkişafına təkan verməklə yanaşı, aqrar qanunvericiliyimizin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Layihənin birinci oxunuşu zamanı mən öz fikirlərimi bildirmişdim. Qeyd etmək istərdim ki, ikinci oxunuşa təqdim olunan layihə xeyli təkmilləşdirilmiş, zəruri və əhəmiyyətli redaktələr edilmişdir.
“Arıçılığın obyektləri və subyektləri” adlanan 4-cü maddənin 4.2.1-ci bəndindən “damazlıq və əmtəəlik arıxanalar” sözlərinin çıxarılması məqbul hesab edilmişdir. Belə ki, xüsusi mülkiyyətdə olan arıçılıq təsərrüfatının qanunla damazlıq və əmtəəlik arıxanalara bölünməsi yolverilməzdir, həm də belə bir müddəa sahibkarlıq prinsiplərinə ziddir.
Birinci oxunuşda təqdim olunmuş layihənin 10-cu, yəni “Arıçılıqla bağlı baytarlıq, sanitariya və damazlıq pasportlarının verilməsi” maddəsinin adından “damazlıq” sözü və maddədən damazlığa aid bənd çıxarılmışdır. Damazlıq işinin əvvəlcədən pasportlaşdırılması, əslində, bu sahənin əvvəlcədən lisenziyalaşdırılması olardı. Arıçılıq isə lisenziyalaşdırılan fəaliyyət növü deyil.
Bir sözlə, hörmətli Ziyafət müəllim, burada həmkarlarım tərəfindən deyildiyi kimi, layihə ikinci oxunuşun tələblərinə tam cavab verir. Mən də hesab edirəm ki, çıxışlar zamanı əlavə ciddi təkliflər olmadı. Qanun layihəsi həm ikinci, həm də üçüncü oxunuşda səsə qoyulsun və qəbul edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elton müəllim. Hörmətli deputatlar, mən hesab edirəm ki, çıxış edən deputatlar qanun layihəsi haqqında yüksək fikir söylədilər. Əgər danışmaq istəyən yoxdursa, buyurun, ikinci oxunuşda I fəslə münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 17.13 dəq.)

Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. II fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 17.14 dəq.)

Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: qəbul edildi

Qəbul edildi. III fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 17.14 dəq.)

Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi

Qəbul edildi. IV fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.15 dəq.)

Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi. V fəslə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.15 dəq.)

Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. VI fəslə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 17.16 dəq.)

Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi. Çox sağ olun. Nəhayət, qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri (saat 17.16 dəq.)

Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun.
Hörmətli deputatlar, burada belə bir yekdil fikir səsləndi ki, qanun layihəsinə ciddi irad olmadığına görə qanun layihəsini üçüncü oxunuşda səsə qoyaq. Xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.17 dəq.)

Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Şamil müəllim, siz bizə demədiniz də, saxta balı təmiz baldan necə ayırd eləyək, yaxud Siz dediyiniz kimi halal balı haram baldan necə ayıraq?
Qəbul edildi, sağ olun.
Növbəti məsələ İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Qanun layihəsi barədə Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov məruzə edir. Valeh müəllim, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Hörmətli sədarət, hörmətli Milli Məclisin deputatları, xanımlar və cənablar! İcazənizlə, mən İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında qanun layihəsini ikinci oxunuş üçün sizə təqdim edim. Birinci oxunuşda dediyim kimi, bu qanun layihəsi İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və sair aidiyyəti qurumların, nazirliklərin, təşkilatların iştirakı ilə hazırlanıb. Deputatlardan birinin dediyi kimi, qanun layihəsi tez-tələsik yaranmayıb. 2007-ci il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi təqdim etmişdir. Layihə 2007-ci il oktyabrın 26-da İqtisadi siyasət daimi komissiyasında, noyabrın 6-da Milli Məclisin plenar iclasında müzakirə olunaraq qəbul edilmiş və 2008-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Bu qanunla vergi qanunvericiliyindən başqa vergitutma və vergi nəzarəti məsələləri səlahiyyəti verilən qanunvericilik aktları siyahısına İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında və Xüsusi iqtisadi zonalar haqqında qanunlar da əlavə olunmuşdur.
İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında və Xüsusi iqtisadi zonalar haqqında qanunlar 2.7-ci maddədə də qeyd olunmuşdur. Bununla da bu qanuna olan zərurət, onun hüquqi əsası və adı müəyyənləşdirilmiş və Prezidentin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi aktla əlaqədar Milli Məclis tərəfindən qəbul edilmişdir. Bu müddət ərzində bu qanun layihəsi ətrafında müzakirələr aparılmış, müşavirələr keçirilmiş və müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə bu qanun layihəsi hazırlanmışdır. Valeh Ələsgərovun, Əli Hüseynovun, Ziyad Səmədzadənin rəhbərlik etdikləri komissiyalar tərəfindən bu qanun layihəsi birinci oxunuşdan öncə müzakirə olunmuş, müvafiq dəyişikliklər və əlavələr edilmişdir.
Birinci oxunuş zamanı müəyyən təkliflər, rəylər, iradlar da var idi. Onların bəziləri nəzərə alınmaqla yenidən komissiyaların müzakirəsindən keçirilərək, müvafiq dəyişikliklər, əsasən, redaktə xarakterli dəyişikliklər edilərək qanun layihəsi ikinci oxunuşda təqdim olunur. Bəzi çıxışlardan belə bir məsələ ortaya çıxdı ki, bu qanun layihəsi Azərbaycan Respublikasının neft ehtiyatları ilə, onların işlənməsi ilə, xarici sərmayələrin cəlb olunması ilə əlaqədardır. Diqqətlə bu qanun layihəsini oxuyandan sonra görürsünüz ki, Azərbaycan Respublikasının ərazisində yerləşən neft və qaz ehtiyatlarına, onların işlənməsinə, ixracına aid bu qanun layihəsində müddəa yoxdur.
Qanun layihəsinin məqsədi nədən ibarətdir? Girişdə qeyd olunduğu kimi, bu qanun Azərbaycan Respublikasının hüquqlarından, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən kənarda həyata keçirilən neft-qaz əməliyyatları ilə əlaqədar Azərbaycan Respublikasında ixrac məqsədli neft-qaz fəaliyyəti üçün xüsusi iqtisadi rejimin yaradılmasının və tətbiqinin əsaslarını müəyyən edir, bu sahədə dövlət, hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyir. Qazaxıstanda, Norveçdə, Rusiyada və ya hansısa başqa bir ölkədə dənizdə, quruda neft-qaz əməliyyatları aparılırsa, Azərbaycan müəssisələri neft-qaz əməliyyatları üçün hər hansı bir saziş, kontrakt, müqavilə əsasında bir iş görə biləcəksə, xidmət göstərə biləcəksə, əmtəə mallarını təqdim edə biləcəksə, mütləq bu mallar Azərbaycan Respublikası ərazisində istehsal olunmalıdır. Bu işlər Azərbaycan Respublikasının ərazisində görülməlidir. Bu halda Azərbaycan Respublikasında yaradılan və çalışan podratçılar üçün burada qeyd olunan xüsusi rejim tətbiq olunacaqdır.
Tətbiq edilən qanunun verdiyi imtiyazlar, güzəştlər ancaq neft-qaz sənayesinə aidiyyəti olan inşaat şirkətlərinə yox, həm də maşınqayırma, elektrotexnika, inşaat materialları, kənd təsərrüfatı, yeyinti malları, arıçılıq sahələrinə də aiddir. Əgər istehsal etdiyi balı Kaşaqan yatağına aparıbsa, bu qanun arıçılara da aiddir. Burada verilən güzəştlər, imtiyazlar və sair. Yəni Azərbaycan Respublikasının iqtisadiyyatının bütün sahələrinə aid edilən bir qanundur.
Bəzi çıxışlarda qeyri-müəyyənlik yaranmışdı. Azərbaycan podratçısı kimdir? Bu qanunun verdiyi güzəştlər kimə aiddir? Podratçı kimdir? Podratçı Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış, Azərbaycan Respublikasında müvafiq ərazi, infrastruktur, texniki vasitələr, işçi qüvvəsi, zəruri texniki, texnoloji, inzibati və idarəetmə biliklərinə və təcrübəsinə, maliyyə ehtiyatlarına malik olan hüquqi şəxslər, o cümlədən xarici sərmayəçilərin iştirakı ilə yaradılmış hüquqi şəxslərdir.
Birinci oxunuşdakı çıxışımda dediyim kimi, gecəqondular üçün kimsə gedib haradansa əlinə kontrakt alıb bu qanundan bəhrələnmək istəsə, mümkün deyil. Azərbaycan Respublikasının müəssisəsi, habelə ərazisi, müvafiq binaları, qurğuları, işçiləri və sair olmadan bu qanundan bəhrələnmək mümkün olmayacaqdır. Ona görə də bu qanun layihəsi birinci növbədə və ancaq Azərbaycan müəssisələrinə, Azərbaycanın hüquqi və fiziki şəxslərinə aiddir. Qanun layihəsindəki maddələr bizim deputatların iştirakı ilə müvafiq nazirliklər və qurumlar tərəfindən hazırlanmış maddələrdir. Mən əminəm ki, sizə ikinci oxunuş üçün təqdim olunmuş qanun layihəsi ən yüksək tələblərə cavab verən qanun layihəsidir. Sizin verdikləriniz düzəlişlərin, təkliflərin, rəylərin əksəriyyəti nəzərə alınıbdır. Yenə təkrar edirəm, əgər bu rəy, bu fikir, bu təklif, bu irad qanunun nəbzinə, qanunun mahiyyətinə toxunmursa.
Sizə təqdim olunmuş mətndən son dəyişiklikləri və əlavələri görə bilərsiniz. Bunlardan önəmlisi bəzi anlayışların Azərbaycan Respublikasının qanunvericilik aktlarında, o cümlədən Konstitusiyada olmasıdır. Önəmli bir təklifi və iradı Rafael müəllim 9.2-ci bəndlə əlaqədar söyləmişdir. Bundan öncə verilmiş ifadələrin də Azərbaycan Respublikasının qanunvericilik aktlarında istifadə olunmasına baxmayaraq, bunu da biz dəyişmişik. Ancaq dəqiqlik üçün Vergi Məcəlləsinin 2.7-ci maddəsində verilmiş tərif burada da verilib. Yəni bu qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş şəhadətnamə verildikdən sonra podratçı və subpodratçılar üçün Azərbaycan Respublikasının qanunvericiliyində bu qanunla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə bu qanun tətbiq edilir. Pisləşməsi, yaxud yaxşılaşması önəmli deyil. Bu qanunda nə yazılıbsa, o da tətbiq olunacaqdır.
6-cı maddəyə bəzi dəyişikliklər ixrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə ilə bağlıdır. O da burada verilən ifadələri, anlayışları dəqiqləşdirməkdən ötrüdür. Mənim fikrimcə, bu maddədə verilən anlayışlar, müddəalar Azərbaycan Respublikasının vətəndaşlarının haqlarını, hüquqlarını yüksək dərəcədə qoruyur. Ancaq bununla bərabər, xarici mütəxəssislərin də lazım olan səviyyədə cəlb edilməsinə imkanlar yaranır. Çünki xarici mütəxəssislər cəlb olunmadan bəzi layihələri qısa müddətdə və müəyyən olunmuş qiymətdə həyata keçirmək çox çətindir. İxrac məqsədli fəaliyyətin xaricdə aparılan neft-qaz əməliyyatları ilə əlaqədar olduğunu nəzərə alsaq, çox önəmlidir ki, bizim şirkətlərimiz bu kontraktları rəqabət mühitində qazana bilsin, iş görə bilsin. Bunları nəzərə alaraq qanun layihəsinə müəyyən dəyişikliklər, müəyyən əlavələr edilibdir.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Məqsəd Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xaricdə görülən işlərdə iştirakına, vətəndaşlarımızın işlə təmin edilməsinə, ölkəmizin büdcəsinə mədaxil mənbələrinin genişlənməsinə, bu mədaxil mənbələrindən daxil olan vəsaitlərin artırılmasına, birinci növbədə isə qeyri-neft və qaz sektorunun inkişafına, genişlənməsinə yönəlmiş bir qanun layihəsi hazırlamaqdır. Əminəm ki, təklif olunmuş qanun layihəsi müzakirələrdən sonra qəbul ediləcəkdir. Üçüncü oxunuşda qanun layihəsi qəbul ediləndən və imzalanıb qanun qüvvəsinə minəndən sonra biz Azərbaycan Respublikasının iş adamları, müəssisələri, təşkilatları arasında müvafiq iş aparmalı, onun əhəmiyyətini, incəliklərini anlatmalı və Azərbaycan podratçılarının xaricdə iş görməsinə yardım etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Bu qanun layihəsinin müzakirələrində iştirak edən hər bir deputata, hər bir məmura, hər bir ekspertə, hər bir vətəndaşa öz minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan üçün, bizim podratçılar üçün, fiziki və hüquqi şəxslər üçün çox önəmli və çox dəyərli bir qanun olacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Mən də əlavə edərdim ki, bu, Azərbaycanın müəssisələri, təşkilatları üçün, xaricdə işləmək üçün ilk təşviq layihəsidir. Buyurun, Ülvi Quliyev.
Ü. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsini dəstəkləyirəm.
Sədrlik edən. Ülvi müəllim, mən üzr istəyirəm, ikinci oxunuşdur. Valeh müəllim məni çaşdırdı, “üçüncü oxunuş” dedi, dedim, yəqin, qurtarırıq. Xahiş edirəm, qanun layihəsinə ikinci oxunuşda əsas kimi münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.34 dəq.)

Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, əsas kimi qəbul olundu. Buyurun, Ülvi müəllim.
Ü. Quliyev. Təşəkkür edirəm. Mən də bu qanun layihəsini dəstəkləyirəm, lehinə səs verəcəyəm. Amma layihə ilə bağlı bir neçə təklifimi nəzərinizə çatdırmaq istəyərdim. 3.3-cü maddənin birinci cümləsində, habelə 3.5-ci və 3.8-ci maddələrdə göstərilib ki, podratçı və xarici subpodratçıya verilən güzəştlər və imtiyazlar, ümumiyyətlə, yerli subpodratçılar üçün nəzərdə tutulmayıb. Ona görə xahiş edərdim ki, layihəni işləyən işçi qrupu bir daha bu məsələyə baxsın.
Qanun layihəsinin 5.5-ci maddəsi ilə bağlı fikirlərimi demək istərdim. Burada deyilir ki, podratçılar və subpodratçılar əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan öz işçilərinə ödənişləri Azərbaycan Respublikasının milli valyutasında, Azərbaycan Respublikasından kənarda isə xarici valyutada ödəmək hüququna malikdirlər. Bu maddəni bir balaca konkretləşdirməyi təklif edərdim. Çünki “hüququna malikdir” ifadəsi o mənaya gətirir ki, ödəməni manatla həyata keçirə də bilər, keçirməyə də bilər. Ancaq biz bilirik ki, Azərbaycan Respublikasının ərazisində ödənişlərin yalnız milli valyuta ilə aparılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub. Ona görə də, sadəcə, həmin maddəni bir qədər daha dəqiq ifadə etmək məsləhətdir. Yaxşı olardı ki, podratçılar və subpodratçılar əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan öz işçilərinə ödənişləri Azərbaycan Respublikasının milli valyutasında ödəsinlər. Azərbaycan Respublikasından kənarda isə ödənişləri xarici valyutalarda ödəmək hüququna malikdirlər. Belə yazılmasını məqsədəuyğun sayıram.
Qanun layihəsinin 6.1-ci maddəsinə bir qədər aydınlıq gətirilməsini istərdim. Bu maddədə qeyd olunur ki, şəhadətnamənin podratçıya və subpodratçıya verildiyi gündən azı 1 (bir) il ərzində podratçıların və subpodratçıların əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb etdikləri işçilərin, bütün strukturlarda və idarəetmə orqanlarında təmsil olunmaqla, ümumi sayının 80 (səksən) faizindən az olmayan hissəsi Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Bu maddə belə bir qənaətə gətirir ki, həmin maddə bir il müddətində qüvvədədir. Yəni bir ildən sonra müvafiq müəssisələr işçilərinin sayını istədiyi kimi dəyişdirə bilər. Bu da Azərbaycan Respublikasının vətəndaşlarının sayı ilə bağlı qanunun tələblərinə əməl etməməyə gətirib çıxara bilər.
Qanun layihəsinin 7.11-ci maddəsində göstərilir ki, şəhadətnamə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yalnız aşağıdakı hallarda ləğv edilə bilər. 7.11.5-ci maddədə isə yazılıb: “müdafiə və milli təhlükəsizlik mülahizələrinə əsasən”. Mülahizəyə əsasən şəhadətnamənin ləğv olunması bir qədər düz səslənmir. Bu, güclü arqumentdir. Mən təklif edərdim ki, burada dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydaların qorunması, habelə insan hüquq və azadlıqlarının müdafiəsi və qanunvericilikdə nəzərdə tutulan digər hallar nəzərə alınsın. Bu müddəa bir az da genişləndirilsin.
Qanun layihəsinin 7.12-ci maddəsində deyilir: “Müvafiq icra hakimiyyəti orqanı şəhadətnamənin ləğv edilməsi barədə qərarda ləğvetmənin hansı tarixdən tətbiq edilməsini göstərməlidir. Müvafiq icra hakimiyyəti orqanının şəhadətnamənin ləğv edilməsi barədə qərarından məhkəməyə şikayət verilə bilər”. Nə bu müddəada, nə də əvvəlki müddəada şəhadətnamənin ləğv olunması ilə bağlı xəbərdarlıq, möhlət verilməsi nəzərdə tutulub. 7.11.5-ci maddə də çox güclü arqumentdir. Mənə elə gəlir ki, bəzi mənfi halların aradan qaldırılması ilə bağlı müəyyən xəbərdarlıq vermək, möhlət vermək məqsədəuyğun olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən bu qanun layihəsinin birinci oxunuşunda öz fikirlərimi bildirmişdim və qanunun qəbul olunmasının tərəfdarlarından biri idim. Çünki bu, istər neft sektorunda, istərsə də qeyri-neft sektorunda xeyli dəyişikliklərə gətirib çıxaracaq. Oqtay müəllim, bəzi məsələlər var ki, terminologiya məsələsidir. Qanunun preambula hissəsində, xüsusilə “Əsas anlayışlar” hissəsində yazılıb. Mənim təbiətimə yad olan şeydir, səhv anlayışları qəbul edə bilmirəm. Keçən dəfə də qeyd etdim. Qanun layihəsinin birinci oxunuşu, indiki oxunuşu da əlimdədir. Mən keçən dəfə demişdim ki, maddə dörd halda ola bilər: qaz, maye, bərk maddə və plazma, yəni ionlaşmış qaz. Düzdür, “qazabənzər” ifadəsi rus ədəbiyyatında var: “газообразное состояние”. O düzgün təyinat deyil. Yaxud ekstraksiya. Qazı digər haldan ayıran əsas proseslərdən birinci yerdə separatsiya gedir. Məsələn, ekstraksiya bərk kristalın mayedən ayrılması prosesidir. Kimyada belə anlayış var. Mən bilmirəm neft sənayesinə bu nə qədər tətbiq olunur. Ola bilər, mən səhv edirəm.
1964-cü ildə beynəlxalq vahidlər sistemi qəbul olunub və həmin beynəlxalq vahidlər sistemində “xüsusi çəki” əvəzinə ya “xüsusi həcm”, ya da “sıxlıq” istifadə olunur. Özü də “xüsusi çəki” ilə “sıxlıq” ekvivalent deyil, fərqlidir. Ona görə də 1964-cü ildən bəri bütün dünya bu sistemdən istifadə edir. Mən istərdim ki, bu qanun layihəsi mükəmməl olduğu üçün həm hüquqi cəhətdən, həm qrammatik cəhətdən, həm də terminoloji cəhətdən düzgün olsun. Mən bunları demək istəyirdim. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Astan müəllim, bu fikirlərinizi yazın, verin, bir də baxarıq. Orada bir problem yoxdur. Əgər nəsə düz deyilsə, düzəldərik, söhbət yoxdur. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Müzakirəyə təqdim olunan bu qanun layihəsi neft və qaz əməliyyatları üzrə Azərbaycan Respublikasının uzun illərdən bəri, yəni hələ sovet dönəmində və ondan əvvəl əldə etdiyi elmi, nəzəri, təcrübi potensialın respublikamızın hüdudlarından kənarda da aparılan neft və qaz əməliyyatlarında istifadə olunması üçün imkanlar açır.
Azərbaycan Respublikasından kənarda aparılan neft və qaz əməliyyatları üzrə lazım olan sifarişlərin məhz respublikamızın ərazisində icra olunması müxtəlif avadanlıqların hazırlanmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini nəzərdə tutur. Bu işlərin Azərbaycan Respublikasının ərazisində görülməsi Azərbaycan iqtisadiyyatı üçün zəruri bir haldır. Çünki bu, yeni iş yerlərinin açılması deməkdir və layihənin 6-cı maddəsində öz əksini tapıb.
Bundan başqa, bu layihənin qəbul olunması Azərbaycan Respublikasının dövlət büdcəsinə gəlir gətirən yeni maliyyə mənbələrinin aşkar olunmasına və onların müəyyən olunmasına gətirib çıxaracaqdır. Bu baxımdan dövlət büdcəsi üçün zəruri bir qanun layihəsidir. Bu məsələlər də layihənin 3-cü maddəsində geniş əksini tapıb. Amma ilk baxışdan elə görünə bilər ki, layihənin 3.3-cü və 3.5-ci maddələri xarici və yerli subpodratçılar üçün müxtəlif vergi rejimləri müəyyən edir. Əslində, mən düşünürəm ki, bu məsələ Azərbaycanın dövlət maraqları nəzərə alınmaqla çox peşəkar səviyyədə və səriştəli şəkildə həll olunub. Çünki xarici subpodratçılar müxtəlif vergilərdən azad olunmaqla, yalnız podratçıya ödənilən məbləğin 5 faizi onlardan alınır. Yerli subpodratçılar isə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunan bütün vergiləri ödəmək məcburiyyətində qalırlar.
Mən düşünürəm ki, məsələnin bu şəkildə həll olunması xarici subpodratçıların gələcəkdə mənfəət əldə edib-etməməsindən asılı olmayaraq, kontrakt üzrə nəzərdə tutulan məbləğin, daha doğrusu, podratçıya ödənilən məbləğin 5 faizinin dövlət büdcəsinə alınması Azərbaycanın mənafeləri baxımından düzgündür. Bu da özlüyündə xarici subpodratçının gələcəkdə xərcləri artırmaqla, maya dəyərini artırmaqla mənfəəti azaltmağa çalışması üçün müxtəlif yollar axtarmasını istisna edir. Bu baxımdan mən düşünürəm ki, bu layihə həm Azərbaycanın dövlət büdcəsi üçün, həm də Azərbaycan iqtisadiyyatının inkişafı üçün gərəkli bir layihədir. Bütün bunları nəzərə alaraq hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu layihənin qəbul olunmasına səs verək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Əsədullayev.
Ç. Əsədullayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İcazə verin, fürsətdən istifadə edərək, mənə bu gün göstərdiyiniz inama, etimada görə, Oqtay müəllim, şəxsən Sizə, bütün həmkarlarıma və məni dəstəkləyən insanlara öz dərin minnətdarlığımı bildirim. Mən peşəsi bankir olan millət vəkili kimi, bu gün mənə göstərdiyiniz inamı və etimadı yüksək faizli və qısamüddətli bir kredit kimi qəbul edirəm və bu krediti şərəflə qaytarmağıma təminat verirəm. Çox sağ olun.
Müzakirəyə çıxarılmış qanunla əlaqədar bildirmək istəyərdim ki, Valeh müəllim çox ətraflı məlumat verdi. Amma mən bu qanun layihəsi ilə artıq neçə vaxtdır, məşğul oluram və hesab edirəm ki, ölkəmizin əlverişli coğrafi yerini nəzərə alsaq, bu qanunun qüvvəyə minməsi ölkəmizi digər böyük tranzit ölkələr sırasına daxil edəcək, habelə onu dünya ticarətində yalnız xam neft və qaz ixracatçısı kimi deyil, həm də neft-qaz sektorunda xidmət ixracatçısı kimi tanıdar. Bu çox vacib bir məsələdir. Qanunun qüvvəyə minməsi əlavə iş yerlərinin artması ilə yanaşı, Valeh müəllimin dediyi digər köməkçi sahələrin, məsələn, metal istehsalı sahələrinin də inkişafına xidmət göstərir.
Oqtay müəllim, mən millət vəkillərinin təkliflərini də eşidirəm və hesab edirəm ki, bu gün dünyada gedən maliyyə böhranı zamanı belə qanunların qəbul edilməsi çox vacibdir və Azərbaycan iqtisadiyyatının inkişafında çox mühüm rol oynayacaq. Bəlkə də bu qanun böyük bir zəncirin bir hissəsidir. Xahiş edərdim ki, bu gün həm ikinci, həm də üçüncü oxunuşda bu qanun layihəsinə baxılsın. Ona görə ki, hər günün öz hökmü var. Doğrudan da, Azərbaycan bazarında, Azərbaycan iqtisadiyyatında belə bir qanuna ehtiyac var. Bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Oqtay müəllim, çox sağ olun. Bu qanun layihəsinin bizim iqtisadiyyatımız üçün nə qədər əhəmiyyətli olduğu göz qabağındadır və kifayət qədər də professional hazırlanmışdır. Amma bu söhbəti biz çoxdan eləyirik. Bu gün Astan müəllim bir də həmin məsələni qaldırdı. Mənə elə gəlir ki, preambulada, eləcə də qanun layihəsinin başqa yerlərində müəyyən ifadə qüsurları var. Düzdür, bunların bir hissəsi bu sahədə Azərbaycan dilinin özünün imkansızlığından irəli gəlir. Bunu etiraf eləmək lazımdır. Amma bir hissəsi də terminlərin, anlayışların üzərində dərindən düşünməməkdən və təcrübənin olmamasından irəli gəlir.
Ona keçməzdən əvvəl bir məsələni deyim. Bizim bütün qanunlarımızın əvvəlində həmişə yazılır ki, bu qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir. Söz məna ifadə edə bilər. Anlayış özü mənadır, məfhumdur. Məfhum isə məna ifadə edə bilməz. Bunu mən bir neçə dəfə demişəm. Amma elə o şəkildə də gedir, yəni tamamilə qüsurludur. Bunu daha o tərəfə, bu tərəfə çəkmək də mümkün deyil. Ona görə ki, məfhum məna ifadə eləyə bilməz. Məfhum elə özü mənadır. Sistemli, dəqiqləşmiş və bir söz həcmində, hüdudunda olan məna deməkdir.
Sonra, belə bir qayda var. Biz əvvəl sadə terminləri verməliyik. O terminlər ki sonradan bizim mətnimizdə işlənəcək, onları əvvəldən verməliyik. Yəni necə? Məsələn, neft-qaz əməliyyatları, xam neft və təbii qazın kəşfiyyatı və sair. Amma xam neft anlayışının izahı bundan sonra gəlir. Bu doğru deyil. Əvvəl xam neft anlayışı, təbii qaz anlayışı verilməlidir. Artıq bu anlayışlar, bu məfhumlar aydın olandan sonra onların işləndiyi mətnlər verilə bilər. “Neft-qaz əməliyyatı”, “ixrac məqsədli neft-qaz fəaliyyəti” verilə bilər. Yəni sadədən mürəkkəbə doğru gedilməlidir.
Nəhayət, burada bir məsələni yenə Astan müəllim səsləndirdi. Mənə elə gəlir ki, bizim bəzi qanunlarımızda yeni anlayışlar veriləndə, məsələn, təbii qaz kimi, xam neft kimi, hüquqi sənəd olduğuna görə bu qanunlarda həddindən artıq texnoloji izahatlara, akademik izahatlara ehtiyac yoxdur. Yəni biz onsuz da bilirik ki, ümumi mənada təbii qaz nə deməkdir. Hətta cənab Prezidentin çıxışlarında da, yaxud mütəxəssislərin çıxışlarında da ictimai səviyyədə olur. Onda hər dəfə gərək izahat verilsin ki, təbii qaz nə deməkdir? Amma təbii qazın nə demək olduğunu dünya dərk eləyir, cəmiyyət başa düşür. Ona görə də bu cür mürəkkəb izahata, mənə elə gəlir ki, ehtiyac yoxdur.
İxrac məqsədli neft-qaz fəaliyyətinə verilən izahatda göstərilir ki, neft-qaz əməliyyatı nədir. Sonra bunun ardınca gəlir ki, ixrac məqsədli neft-qaz fəaliyyəti nədir. Belə məlum olur ki, mənim oxuyub başa düşdüyüm, yəni hər bir normal azərbaycanlının oxuyub başa düşdüyü ondan ibarət olur ki, neft-qaz əməliyyatı mövcuddur və bu neft-qaz əməliyyatı üzərində neft-qaz fəaliyyəti qurulur. Amma ixrac məqsədli neft-qaz fəaliyyəti anlayışı izah olunanda buraya idxal-ixrac əməliyyatı da daxil edilir. Mənə elə gəlir ki, burada nə isə ziddiyyət var. Hər halda bəzi əsas anlayışların izahı aydın deyil. Mənə elə gəlir ki, yenə fikirləşmək lazımdır. Valeh müəllim bizə keçən dəfə izah elədi, təxminən mənim üçün aydın oldu. Amma ifadədə də nə isə yenə mürəkkəblik var, ağırlıq var. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Elə Milli Məclis ona görə lazımdır ki, dilçilərimiz layihəni dil tərəfdən, mühəndislərimiz isə mühəndis kimi yüngülləşdirsin, hüquqşünaslar hüquqşünas kimi bunu qaydaya qoysunlar. Yəni “təbii qaz” deyirsiniz. Təbii qazın onlarca forması var, onların hamısı əhatə olunmalıdır. Mən də belə hesab edirəm. Burada, necə deyərlər, bizim bir qaz mütəxəssisimiz də var. Vasif Əliyevə də söz verək, sonra səsverməyə keçək.
V.Əliyev. Çox sağ olun, Oqtay müəllim. Mən sözümü qısa deyəcəyəm. Azərbaycanda neft mexaniki üsulla 1846-cı ildən istismardadır. Azərbaycan bütün dünyaya özünün biliyini, savadını, neftin hasilatını, kəşfiyyatını göstərib. Bu gün bizim bəzi yoldaşlar bu qanun layihəsinə irad tuturlar. Mənim fikrimcə, bu, mümkün olmayan şeydir. Bu qanun 2000-ci ildə qəbul olunmalı idi.
İstəyirəm ki, bir neçə məqamı bizim həmkarlarımız bilsinlər. Bu gün dövlət neft sistemində 2500 ton ağırlığında gəmi-kran var. O, bir ay Dövlət Neft Şirkətinə işləyir, qalan aylar isə boş dayanırsa, görün, nə qədər ziyan gətirir. Axı, bu gəmilər Xəzəryanı ölkələrdə işləyə bilərlər, Bakı Dərin Özüllər Zavodu üçün işləyə bilərlər. Görün, dövlətə nə qədər xeyir gətirə bilərlər. Bunların hamısını nəzərə almaq lazımdır.
Quyularda ilk hasilat separatordan başlayır. Neft də, qaz da hamısı separatora daxil olur. Orada ayrılma gedir. Maye ayrılır, qaz ayrılır, ondan sonra qazın başqa-başqa üsullarla separatsiyaya keçməsi baş verir. Ona görə də mən hesab edirəm ki, bu qanun çox lazımdır. “Qaz” məfhumu düzgün verilib, “neft” də düzgün verilib. Heç bir dəyişiklik etmək lazım deyil. Bu qanun necə verilibsə, elə də qəbul olunmalıdır. Mən də yoldaşlarımı bu qanun layihəsinin lehinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Biz elə əvvəldə sözümüzü dedik, qanun layihəsi ona görədir ki, mühəndislər, dilçilər, iqtisadçılar, hüquqşünaslar fikirlərini bildirsinlər. Bu qanunun heç kim əleyhinə deyil. Hamı bu qanunu yaxşı başa düşür. Əgər etiraz yoxdursa, Valeh müəllim bir kəlmə desin, sonra səsverməyə başlayaq. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Bir də təkrar eləyirəm ki, bu qanun layihəsində istifadə olunan hər bir ifadə, hər bir anlayış, hər bir termin azı 32 qanun layihəsində təsdiq olunmuş ifadələr, terminlər, anlayışlardır. Bunların birinin də adını, cümləsini, vergülünü dəyişə bilmərəm. Misal üçün, qanunun adı ilə əlaqədar neçə dəfə dedilər ki, bu qanunun adı başqa cür yazılmalıdır. Mən bayaq sizə oxuduğum kimi, Vergi Məcəlləsinə dəyişikliklər qəbul ediləndə bu qanunun adı qəbul edildi. Bu qanunun adında mən bircə hərfi dəyişsəm, bu qanuna verilən imtiyazlar, güzəştlər qeyri-qanuni olur. Onda Milli Məclisin belə qanunu müzakirə etməyə ixtiyarı da yoxdur. Ona görə də bütün bu terminlər, anlayışlar Milli Məclis tərəfindən qanunvericilik praktikasında tətbiq olunan terminlər, anlayışlardır.
İkincisi, nəyi demək istəyirdim. Ülvi müəllim, birincisi, xarici podratçı yoxdur, ancaq yerli podratçı var. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olan, qeydiyyatdan keçən, Azərbaycanda ərazisi olan, təsərrüfatı olan, qurğuları olan podratçıdır. Yerli və xarici subpodratçılar var. Bunların arasında vergiyə aid bir fərq var. Əgər bizim podratçının seçdiyi vergi 5 faizdirsə, onu seçirsə, bəri başdan 5 faiz vergini ödəyir. Bayaq Rafael müəllim anlatdığı kimi. Yerli subpodratçı işini görüb qurtarandan sonra mənfəət vergisini vermək istəyirsə, onu verir. Bir vergini verir, başqa vergiləri vermir. Nə ixrac, nə idxal, nə də başqa vergini verir. Fərq də ona görə əmələ gəlibdir ki, xarici subpodratçının kitablarını Londonda yoxlamaq mümkün deyil. Ona görə bu başdan ümumi məbləğdən 5 faiz tutulacaqdır. Əmin ola bilərsiniz ki, başqa fərq yoxdur. Bu müddət ərzində bizimlə görüşüb söhbət etsəydiniz, bunu daha dəqiq göstərə bilərdik. Yenə də təkrar edirəm, burada bir ifadə, bir termin qıraqdan gəlməyib. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qanunvericilik aktlarından götürülməmiş bir kəlmə də yoxdur. Ona görə də mənim fikrim budur ki, səsə qoyaq, qəbul edək.
Sədrlik edən. Çox sağ olun. İkinci oxunuşdur. 9 maddədir. Başqa təklif yoxdursa, xahiş edirəm, maddə-maddə səsə qoyaq. 1-ci, 2-ci və 3-cü maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.58 dəq.)

Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
4-cü, 5-ci və 6-cı maddələrə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.59 dəq.)

Lehinə 95
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun.
7-ci, 8-ci və 9-cu maddələrə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 18.00 dəq.)

Lehinə 94
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Nəhayət, ikinci oxunuşda bütövlükdə qanun лайищясини səsə qoyuruq.

Səsvermənin nəticələri (saat 18.00 dəq.)

Lehinə 98
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, ikinci oxunuşda qəbul olundu.
Belə bir təklif oldu ki, qanun layihəsinin vacibliyini nəzərə alaraq üçüncü oxunuşda da səsə qoyaq. Mən hesab edirəm, biz bu səsverməni də keçirsək, bugünkü iclasımızı çox müsbət notlar üzərində qurtarmış olarıq. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 18.01 dəq.)

Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Siyavuş Novruzov, səmərəli işinizə görə çox sağ olun.
 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi