2009-ci il 10 fevral tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  104

Milli  Məclisin  iclas  salonu.
10  fevral  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

R. Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.

* * *

V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
R. Həşimov, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
H. Yusifov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
A. Muxtarova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
S. Zamanov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Ə. Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri.
İ. Xəlilov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasınn sədri.
Ş. Yusifov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasınn sədri.
Ş. Məhərrəmov, Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri.

* * *

M. Cabbarov, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
N. Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
M. Vahabov, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin baş idarə rəisi.

* * *

Ə. Mirzəliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü.
Ə. Əliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
3. Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
4. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:
 
1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).

* * *

Azərbaycan Respublikası Mənzil Məcəlləsi layihəsinin ikinci oxunuşda müzakirəsinə başlanılmışdır.


 Azərbaycan Respublikası
 Milli Məclisinin Sədri                            O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

10  fevral  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 11.59 dəq.)
İştirak edir 89
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.00 dəq.)

Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac var? Xahiş edirəm, yazılın. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, mən iki məsələ ilə əlaqədar diqqətinizi bir neçə anlıq almaq, diqqətinizə bəzi məsələləri çatdırmaq istəyirəm. Bəlli olduğu kimi, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun mövcuddur. Lakin bu gün Qanunun icrasında kifayət qədər problemlər özünü göstərməkdədir. Konkret olaraq bəzi faktları misal gətirmək istəyirəm. Bakı şəhərinin Nizami küçəsində, Xaqani küçəsində, Səməd Vurğun küçəsində, Hüseyn Cavid prospektində yerləşən kifayət qədər nüfuzlu mağazaların hamısında Azərbaycan dilində deyil, ancaq rus dilində danışılır. Eyni zamanda, Bakı şəhərinin ən müxtəlif yerlərində reklamlar, ayrı-ayrı restoranlarda menyular və digər yazılar Azərbaycan dilində tərtib edilmir. Əlbəttə, bu, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun müddəalarına tamamilə ziddir. Qanunun pozulmasına görə İnzibati Xətalar Məcəlləsində də müddəa nəzərdə tutulub, lakin bu günə qədər bununla bağlı hər hansı faktın qeydə alındığı və ayrı-ayrı adamların cəzalandığı bəlli deyil.
Hörmətli cənab Sədr, ona görə də mən təklif edərdim ki, Siz öz imkanlarınızdan və səlahiyyətlərinizdən istifadə edəsiniz və bununla əlaqədar müvafiq icra strukturları ilə danışıqlar aparasınız. Bu məsələ ilə bağlı monitorinq keçirilsin və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun pozulmasına görə müvafiq qurumlar, mağaza sahibləri, ayrı-ayrı reklam şirkətləri Qanunun tələblərinə uyğun olaraq cəzalandırılsın.
İkinci məsələ, yəqin, Sizə də bəllidir. Ayrı-ayrı kütləvi informasiya vasitələrində bunu dəfələrlə göstəriblər. Quba məzarlığında kifayət qədər problemlər mövcuddur. Mən özüm də bir neçə müddət bundan əvvəl ora getdim. Doğrudan da, göstərildiyi, deyildiyi kimi, həmin məzarlıqda üzə çıxan sümüklərin artıq məhvolması prosesi başlayıb. Əgər belə gedərsə, yaxın bir il ərzində orada ciddi problemlər yaranacaq və həmin məzarlığı qoruyub saxlamaq mümkün olmayacaq. Ona görə düşünürəm ki, bununla əlaqədar ölkə Prezidentinin xüsusi sərəncamına ehtiyac duyulur. Eyni zamanda, istərdim ki, Oqtay müəllim, Siz bu məsələni cənab Prezidentlə müzakirə edəsiniz və həmin məzarlığı qoruyub saxlamaq istiqamətində xüsusi tədbirlərin həyata keçirilməsi üçün konkret addımlar atılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də vacib saydığım bir neçə məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Xüsusən ölkədə son dövrlər baş verən və əvvəl də mövcud olan korrupsiya, rüşvət, inflyasiya, bahalaşma ilə bağlı dəfələrlə çıxışlar olub. Müsavat partiyası ölkədəki sosial-iqtisadi durumun ağırlığı ilə əlaqədar bəyanat qəbul edib. Müsavat deputat qrupunda bu məsələni müzakirə eləmişik. Bu məsələlərlə bağlı aldığımız məlumatlar və elədiyimiz təhlillər əsasında konkret təkliflərimiz var.
Son vaxtlar baş qaldıran dünya böhranı sanki Azərbaycana aid deyil və Azərbaycandan yan keçir. Hər halda dövlət rəsmilərinin çıxışlarından, təhlillərindən belə görünür.
Əslində, vəziyyətlə bağlı bu görsənməkdədir. Son illər Azərbaycanda qiymət artımı və xüsusən hökumətin özünün siyasətində buna rəvac verən amillər, o cümlədən enerji daşıyıcılarının, yəni neft məhsullarının, qazın, habelə işığın qiymətinin birdən-birə 3 dəfə artırılması əhalinin vəziyyətinə çox ağır təsir eləyib və əhali çox ağır durumdadır. Əhali bu vəziyyətin altından çıxmaq imkanında deyil. Çünki əhali o qədər ehtiyac içərisindədir ki, bu borcları vermək imkanında deyil. İşləyənlərin, işləməyənlərin, təqaüdçülərin, aztəminatlı ailələrin isə vəziyyəti bəllidir. Onunla bağlı bizim konkret təklifimiz var ki, enerji daşıyıcılarının, o cümlədən işığın, qazın, suyun qiyməti iki dəfə aşağı salınsın.
Bu prosesdə, bu vəziyyətdə bizim gəldiyimiz nəticə ondan ibarətdir ki, əgər hökumət bu addımı atmasa, daha pis vəziyyət alınacaq. Xüsusən son dövrlər dünyada inflyasiyanın, böhranın fonunda qiymətlərin düşməsi, endirimlər sanki Azərbaycandan yan keçib. Ərzaq məhsullarının, tikinti məhsullarının qiymətlərində elə də gözə çarpacaq endirimlər yoxdur. Niyə? Ona görə ki, bütün bu sahələr müəyyən qurumların nəzarəti altındadır, inhisarındadır və həmin inhisarçılar ölkədə qiymətin enməsinə imkan vermirlər, çünki oradan gələn gəlirlər birbaşa onların ciblərinə gedir. Son dövrlər xırda, orta və ağır sahibkarların vəziyyəti xüsusilə ağırdır. Vergilər Nazirliyi sanki bu böhranın əvəzini sahibkarlardan çıxacaq. Sahibkarlardan əvvəl 3 alırdılarsa, indi 5 alırlar, 15 alırlar. Verilən suallar onların vəziyyətinə bir az da ağırlaşdırıcı təsir edir. Deyirlər ki, çox danışırsan, ona görə də bu qədər verməlisən. Mənə elə gəlir ki, bu biabırçı vəziyyətə son qoyulmalıdır.
Sədrlik edən. Arzu Səmədbəyli, Siz bir az populist çıxış edirsiniz. İstəyirsiniz ki, Azərbaycan böhranın mərkəzində olsun? Böhranın Azərbaycana o qədər də böyük təsiri olmayacaq. O, Sizin arzunuzdur ki, yan keçməsin, Azərbaycan bu böhranın içərisindən keçsin. Amma arzunuza çatmayacaqsınız. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, yaz sessiyası başlayarkən biz 15 nəfər millət vəkili Sizə müraciət edərək Rusiyanın Ermənistana səkkiz yüz milyon dollarlıq silah satması ilə əlaqədar məsələnin gündəliyə salınmasını xahiş etmişdik. Siz məlumat verdiniz ki, müdafiə naziri cənab Səfər Əbiyev Moskvadadır, qayıdıb gələr, bu məsələyə baxılar, lazım olarsa, nümayəndə heyəti Moskvaya göndərilər. Artıq 10 gün müddət keçib. Cənab Əbiyev çoxdan Moskvadan qayıdıb, bu məsələ açıq olaraq qalır. Çünki bu məsələnin Azərbaycan ictimaiyyəti üçün çox böyük əhəmiyyəti var. Nəyə görə? Rusiya 1997-ci ildə də Ermənistana 1 milyard dollarlıq silah satdı, indi də 800 milyon dollarlıq. Təxminən 2 milyard dollara yaxın silah verib və faktiki olaraq, Qafqazda çox böyük müharibə ocağı yaratmaqda davam edir. Ona görə də bu məsələnin gündəliyə salınmasını və ya hansı qərar qəbul edəcəyimiz barədə məlumat verməyinizi xahiş edərdim. Çox sağ olun.
Sədrlik edən. Danışıqlar gedir, qərar qəbul olunacaq. Səfər Əbiyevlə danışılır. Səfər Əbiyev təzə gəlib. Onun da danışıqlarını bilməliyik ki, qərar qəbul olunsun. Deputat qrupumuz da var. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Vahid müəllimin dediyi ideyanı inkişaf etdirərək, başqa bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, ötən həftə Rusiya başda olmaqla, 7 ölkə vahid ordu yaratmaq barədə razılığa gəldi və bu mexanizm işində Ermənistan da yer alır. Bu o deməkdir ki, Azərbaycan üçün daha ciddi bir təhlükə mənbəyi yaranır. Bunun nə dərəcədə reallaşıb-reallaşmaması günün mövzusu deyil, amma hər halda belə bir təhlükə var. Məncə, Azərbaycan alternativ yollar düşünməlidir və rəsmi şəxslər millət vəkillərini məlumatlandırmaq yolu ilə bu istiqamətdə Azərbaycanın hansı addımlar atacağına münasibət bildirməlidirlər ki, cəmiyyətdə də bir qədər aydınlıq yaransın.
İkinci toxunmaq istədiyim məsələ sökülən evlərlə bağlıdır. Sabunçu rayonunda çox sayda insanlar mənə müraciət ediblər ki, qanunsuz şəkildə tikilmiş evlər barədə məhkəmə qərarları var. Təbii ki, qanunsuzdursa, məhkəmə belə qərar çıxara bilər. Amma bütün hallarda sökülən ev Azərbaycan Respublikası vətəndaşının evidir. Bu isə Azərbaycan Respublikası vətəndaşının uşağının, ailəsinin evsiz qalacağı barədə siqnaldır. Ona görə də biz mütləq hökumət tərəfindən tədbirlər gözləyirik. Heç olmasa, qanunsuz tikilən evlərə belə söküləndən sonra ciddi kompensasiya imkanları düşünülməlidir. Çünki vətəndaş onsuz da qeyri-rəsmi formada pul verib və evi tikib. Amma bunu çölə atmaqla yoxsul vətəndaşın, imkansız vətəndaşın sayını daha da artırmış oluruq. Ona görə də bu istiqamətdə hökumətə öz təkliflərimizi yönəltməliyik ki, konkret addımlar atılsın.
Üçüncü məsələ şəbəkə oyunları sisteminin Azərbaycanda genişlənməsidir. Bu, hüquq mühafizə orqanlarının gözü qarşısında baş verir. Çox qəribədir ki, Azərbaycanda loto oynamaq Azərbaycan televiziyası vasitəsilə ictimai əxlaqın ayrılmaz hissəsinə çevrilib. İki saat loto oynamağa vaxt ayırırlar, amma Milli Məclisdə çıxışların verilməsinə bir saatdan artıq vaxt ayrılmır. Ona görə cəmiyyətdə elə bir həssas mövqe ortaya qoymalıyıq ki, şəbəkə sistemində aldadılan vətəndaşların sayı gündən-günə çoxalmasın. Mənə müraciət ediblər, yüzlərcə vətəndaş artıq bunun qurbanına çevrilməkdədir. Ona görə də hüquq mühafizə orqanları şəbəkə oyunlarının genişlənməsinin qarşısını almaq üçün vətəndaşlar arasında qeyri-rəsmi formada ciddi addımlar atmalıdırlar ki, zərər çəkmiş şəxslərin sayı əvvəlki illərdə olduğu kimi çoxalmasın. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Keçən il yaz sessiyası başlayanda Milli Məclisin yaz sessiyasının gündəliyinə Qarabağ məsələsinin müzakirə olunmasını təklif etmişdim. Bilirsiniz ki, bizim Daxili Nizamnaməyə görə hökumət beşinci iclasımızda bizə hesabat verməlidir. Son dövrlər Qarabağla bağlı səslənən fikirlər, yayda çərçivə sazişinin bağlanma ehtimalları və sair cəmiyyəti ciddi şəkildə narahat edir. Mən istərdim ki, hökumətin hesabatında xarici işlər naziri və müdafiə naziri də hesabat versin. İndiyə qədər keçən 8 ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələri, çərçivə sazişinə çıxarıla bilən müddəaları, hansı şərtlər daxilində Azərbaycanın maraqlarını ifadə edən addımların atıldığını bilməliyik. Milli Məclis səviyyəsində dinləmələr keçirilməlidir və biz də Milli Məclis olaraq bunları bilməliyik.
İkinci məsələni bir dəfə burada hörmətli Gülər xanım qaldırmışdı. Bu, uşaq əməyinin istismarı ilə bağlıdır. Bu gün Azərbaycanda ciddi şəkildə uşaq əməyini istismar edirlər. Xüsusilə şadlıq evlərində uşaq əməyindən ciddi şəkildə istifadə olunur. Bir də görürsünüz, saatlarla bəylə gəlinin gəlməsini gözləyirlər, uşaqları geyindirib, foyelərə düzürlər. Bir Amerika filmi var idi, hansısa bir ölkənin prezidentinin oğlu səfərə gedəndə gül səpirdilər. Körpə uşaqlar beləcə gül səpirlər və onların missiyası bununla bitir. İqtisadi böhran vəziyyətində, ailələrin çətin yaşadığı vaxtda həmin müəssisələrə və ümumiyyətlə, uşaq əməyindən istifadə edənlərə ciddi qadağa qoyulmalıdır. Uşaq əməyindən restoranlarda, şadlıq evlərində və başqa sahələrdə istifadə olunmamalıdır. Bunların heç biri könüllü deyil. Rəqs qruplarına baxın. Axşam saat 10-dan, 11-dən sonra bəzən restoranlarda körpə uşaqları gətirib rəqs elətdirirlər. Özü də müxtəlif rəqslər. Təkcə milli rəqslər deyil, burada əxlaqa zidd, uşağın tərbiyəsinə, yaşına zidd rəqslər etdirilir. Mən hesab edirəm ki, bununla bağlı ya xüsusi komissiya, ya səlahiyyətli dövlət qurumları, ya da Milli Məclis məsələ qaldırmalıdır. Bu tipli məsələlərdən, televiziyanın rolundan danışırıq. Amma hər birimizin gündə rast gəldiyimiz bu tipli məsələlərin heç birini qaldırmırıq və ya diqqətdən kənarda saxlayırıq. Hörmətli Sədr, mən çox istərdim ki, səlahiyyətinizdən istifadə edərək bu məsələləri dövlət qurumları qarşısında qaldırasınız.
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Mən qarşıdakı gündəliyimizə bir məsələni təklif eləmək istəyirəm. Cənab Sədr, məlum olduğu kimi, təxminən iki həftədən sonra Xocalı hadisəsinin ildönümü tamam olur. Mən rica edirəm, qarşıdakı iclasların birində bu məsələni gündəliyə salasınız. 17 il ərzində bizim hüquq mühafizə orqanları Xocalı hadisəsini törədənlərlə bağlı nə iş görüb, hansı istintaq gedib? Kimi tapmaq mümkün olub, kimi tapmaq mümkün olmayıb? Ümumiyyətlə, bu işin istintaqı nə yerdədir? Bu barədə bizə məlumat verilsin. Elə olur ki, bu hadisənin qeyd olunmasını biz xarici ölkələrdən umuruq. Amma özümüz müfəssəl məlumatlara malik deyilik. Əgər Milli Məclisdə bu işin istintaqı ilə bağlı görülən işlər dinlənilsə, biz özümüz üçün də aydınlaşdıra bilərik ki, bu müddət ərzində, ötən 17 il ərzində Azərbaycanın hüquq mühafizə orqanları nəyə nail ola bilib, yaxud nəyə nail ola bilməyib. Ola bilməyibsə, bu, obyektiv səbəblərlə bağlıdır, yaxud subyektiv səbəblərlə bağlıdır. Bu məsələnin qarşıdakı iclaslardan birinin gündəliyinə salınmasını Sizdən rica edirəm.
İkinci qaldıracağım məsələ əhali arasında böyük narazılığa səbəb olan və bizə də tez-tez ünvanlanan bir məsələdir. Şəhər təsərrüfatı ilə, istilik sistemi ilə bağlıdır. Oqtay müəllim, düzdür, əhalinin təhlükəsizliyini təmin etmək lazımdır. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu gün çoxmərtəbəli binalarda istilik sistemi niyə işləmir? Axı, 5 mərtəbəli, 9 mərtəbəli, 17 mərtəbəli binaların qazla qızdırılması nəylə bağlıdır? Tutaq ki, keçmiş binalarda istilik sistemini bəziləri söküblər. Təzə binaların layihələrində də bu, nəzərdə tutulmur. Sabah yenə də biz ciddi problemlərlə qarşılaşacağıq. Şəhər təsərrüfatı bu baxımdan bərbad vəziyyətdədir və bu məsələnin də müzakirə edilməsini vacib hesab edirəm.
Bir məsələ də köhnə enerji borcları ilə bağlıdır. İnanın, Oqtay müəllim, adamlar əllərində yazılan qəbzlə gəlirlər. Beş il, on il bundan qabaqkı enerji borcları kiminsə yadına düşür. Guya kompüter bunu belə hesablayıb. Kompüterə belə proqramları verən insanlardır. Bir də görürsən, 300, 400, 500, 600 manat məbləğində qəbz yazıb verirlər ki, bu sizin 1997-ci ildə, yaxud 1995-ci ildə olan borcunuzdur. Hesab edirəm, bu məsələlərə aydınlıq gəlməlidir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Əvvəla, mən ötən dəfə iclasdakı xahişimi bir daha təkrarlamaq istəyirəm. Bilirsiniz ki, sabah referendumla bağlı yaradılan təşviqat qruplarının qeydiyyatı başa çatır. Referendum Milli Məclisin təşəbbüsü ilə keçirilir və ona görə xahiş edərdim ki, ya Milli Məclis, yaxud onun rəhbərliyi Mərkəzi Seçki Komissiyasından xahiş etsin, yaxud bu məsələdə fərqli mövqe tutan bütün təşviqat qruplarının qeydə alınması məsələsini müsbət həll etsin. Bütövlükdə bu, kampaniyanın keyfiyyətinə siyasi baxımdan da, hüquqi baxımdan da müsbət təsir edərdi.
İkincisi, son həftə Hərbi Prokurorluqda Azərbaycan ərazisində terrorçuluq əməlləri ilə məşğul olan, Azərbaycana qarşı Ermənistanın işğalçı müharibəsi dövründə yol verilmiş müharibə cinayətlərinin araşdırılması haqqında kütləvi informasiya vasitələrində məlumat getmiş, habelə bir sıra şəxslər barəsində cinayət işinin qaldırıldığı və axtarış elan edildiyi haqqında məlumat verilmişdir. Lakin bizə məlum olmayan səbəblər üzündən, daha doğrusu, rəsmi izahatı olmayan sahələr üzündən nə Köçəryanın, nə də Sərkisyanın adı həmin siyahıda var. Prokurorluq siyasi orqan deyil, prokurorluq hüquqa görə hərəkət edir. Ona görə də hətta bizim hamımıza məlum olan müəyyən siyasi səbəblər üzündən bir sıra şəxslər haqqında qərarların qəbul edilməsi məsələsi prokurorluğun səlahiyyətində deyil. Prokurorluq konkret olaraq Azərbaycan ərazisində cinayət törətmiş və bunu dəfələrlə etiraf etmiş həmin şəxslər barədə ən azı təhqiqatlara başlamalıdır. Bu barədə hansısa yekun qərarın verilməsi məsələsini isə, şübhəsiz ki, məhkəmə, hətta siyasi bir problem meydana çıxarsa, siyasi orqanlar sonradan həll edə bilərdi. Mən bunu deputat sorğusu kimi səsləndirirəm və Hərbi Prokurorluqdan bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm.
Üçüncü toxunmaq istədiyim məsələ dövlət dili ilə bağlıdır. “Televiziya və radio yayımı haqqında” Qanunun 32-ci maddəsində verilişlərin dövlət dilində aparılması haqqında müddəa vardır. Eyni zamanda, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 6-cı maddəsində, habelə 2003-cü ildə edilən dəyişiklikdə dövlət dilindən istifadəni özündə ehtiva edən müddəalar əks olunmuşdur. Bu barədə hamımız dəfələrlə məsələ qaldırmışıq. Türkiyə türkcəsində verilən filmlərdən, verilişlərdən söhbət gedir. Onların Azərbaycan türkcəsinə məcburi qaydada tərcüməsini tələb edən imperativ hansısa qayda yoxdur. Ona görə də Milli Televiziya və Radio Şurası bu qanunlara istinad etməklə, mənim fikrimcə, doğru hərəkət etmir. Milli Məclis buna aydınlıq gətirməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün respublikanın ayrı-ayrı rayonlarında, xüsusilə Bakı şəhərində şəbəkə biznesi adı altında yüzlərlə ofis açılaraq vətəndaşlar işə cəlb edilir, əhalidən külli miqdarda pul yığılır. Şəbəkə biznesindən yüngül yollarla qazanc əldə edərək xalqın pullarını xarici banklardakı hesablarına köçürürlər. Səbəb kimi də göstərirlər ki, guya yığılan həmin pullar xaricdəki uşaq evlərinə ödənilir. Bu, dələduzluq və yalan deyilsə, yaxud uşaqlara ürəkləri yanırsa, niyə onda Azərbaycandakı uşaq evlərinə həmin pullardan bir manat da verilmir və vergi ödənilmir? Maraqlıdır, şəbəkə biznesinə cəlb olunan şəxs əvvəlcə 500 manatdan artıq vəsait ödəməlidir. Özündən sonra isə məcburən ən azı iki nəfəri bu işə cəlb etməlidir. Buna görə də müştərilərə həftəlik və aylıq faiz ödəniləcəyinə, yaxud qızıl, brilyant saat məmulatları veriləcəyinə söz verilir.
Bir sözlə, şəbəkə biznesinin əsas mahiyyətini və fəaliyyətini araşdırdıqda açıq-aşkar xalqın pulunun dolayı yollarla yeyilməsi, dövlətə vergi ödənilməməsi nəzərə çarpır. Gizli ofislərdə mühazirə oxuyan və xaricdə hazırlanan xüsusi ideoloq və politoloqlar bunlara havadarlıq edir, habelə həmin şəbəkələrin başında duran iş adamları ilə birgə fəaliyyət göstərirlər. Millət vəkili kimi xahiş edirəm, hüquq mühafizə orqanları referendum ərəfəsində bu dələduzluq əməllərinə hüquqi qiymət versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən gündəliyə bir neçə başqa məsələ salınmasını təklif edəcəkdim. Lakin bəzi məsələlər ortaya çıxdı ki, bununla bağlı öz fikrimi bildirmək istəyirəm. Məndən öncə hörmətli Pənah Hüseyn onların təşəbbüs qruplarının qeydə alınması ilə bağlı məsələni qeyd etdi. Mənə elə gəlir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsində təşəbbüs qrupunu xahişlə qeydə almırlar. Qanunun tələbi ilə müvafiq sənədlər təqdim olunduqdan sonra qeydə alırlar. Təşəbbüs qrupunun təşviqat qrupu olur. Ona görə də əgər müvafiq sənədlər təqdim olunubsa, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupu təşviqat qrupu kimi qeydə alınıbsa və ya imtina olunubsa, bu da qanunun tələbinə uyğun olaraq həyata keçirilməlidir.
Oqtay müəllim, ikinci bir məsələni Siz də öz çıxışınızda qeyd etdiniz. Dünyada iqtisadi böhran məsələsi ortaya atılır. Təbii ki, Azərbaycanda bununla bağlı iqtisadçılarımız da, dövlət nümayəndələri də, cənab Prezident də öz fikirlərini söyləyiblər. Azərbaycanda iqtisadi böhran yoxdur, bəzi adamların təfəkküründə böhran var və Azərbaycan cəmiyyətində də hər hansı bir böhranın olmasını arzulayırlar. Onların ürəyindən keçir ki, Azərbaycanda belə bir böhran olsun. Mənim yadımdadır, neftin qiyməti aşağı düşəndə bu faktı sevincək qəzetlərində birinci səhifəyə çıxarmışdılar. Elə bil bunlar üçün xüsusi dövlət mükafatı ayırıblar ki, neftin qiyməti aşağı düşüb. Yəni qiymətin aşağı düşməsi bütövlükdə neftdən gələn gəlirlərin sosial sahəyə sərf olunmasına, xəstəxanaların, məktəblərin, körpülərin tikilməsinə, yolların çəkilməsinə təsir edir. Həmin məktəblərdə, həmin xəstəxanalarda bu xalqın övladları, uşaqları müalicə olunur, təhsil alır. Ona görə də neftin qiymətinin aşağı düşməsi bunları çox sevindirir, bu sevincin hədd-hüdudu yox idi. Mən hesab edirəm ki, bu cür yanaşma onların, doğrudan da, təfəkküründə baş verən problemlərdən irəli gəlir.
Xocalı ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi qaldırıldığını hörmətli Cəmil müəllim qeyd etdi. Keçən il parlamentdə bu məsələ müzakirə olunanda cinayət işləri ilə bağlı arayış Hərbi Prokurorluq tərəfindən təqdim olunub və bu təqdimata əsasən biz bu müzakirələri aparmışıq. Orada adlar da var. İstər Rusiya tərəfindən olsun, istərsə də Ermənistan tərəfindən. Həmin adamların hər biri barəsində ayrı-ayrılıqda cinayət işi qaldırılıbdır. Yəni bu il də biz istəsək, Hərbi Prokurorluqdan həmin arayışı ala bilərik və o daha da genişlənmiş şəkildə Milli Məclis üzvlərinə təqdim oluna bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Məlumdur ki, hər il səhiyyə sahəsində məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə böyük məbləğdə pullar ayrılır. Məsələn, təkcə 2009-cu ilin dövlət büdcəsində Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramına 19,3 milyon manat, Şəkərli diabet üzrə Dövlət Proqramına 19,6 milyon manat, Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramına 10 milyon manata qədər vəsait ayrılıb. Ümumiyyətlə, bu cür tədbirlər proqramına üst-üstə 70 milyon manata qədər pul ayrılmışdır. 2008-ci ildə eyni tədbirlər proqramı üçün təxminən bu qədər vəsait xərclənmişdir. Bir sözlə, hər il səhiyyə sahəsində imtiyazlı xəstələrə preparatlar və dərmanlar üçün kifayət qədər büdcə vəsaiti ayrılır. Ancaq baxaq, görək, nəticə nədir? Yerlərdə insanlarımız dövlətin həmin yardımından faydalana bilirlərmi? Çox təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Əksinə, yerlərdə elə acınacaqlı vəziyyət yaranmışdır ki, bəzən biz xəstə seçicilərimizin haqlı suallarına cavab tapa bilmirik. Dəfələrlə burada həmin problemlər barəsində çıxış etsək də, çox təəssüf ki, problemlər həll olunmamış qalır. Yaşamaq üçün çox qiymətli kimyəvi preparatları və dərmanları ala bilməyən xəstələr isə əksər hallarda hətta əmlaklarını belə satışa çıxarırlar.
Hörmətli deputatlar, mən burada aqrar sektorda və yaxud təhsil sahəsində tədbirlər proqramının icra vəziyyətinə toxunmaq istəmirəm. Düşünürəm ki, bəlkə də məmurlarımız bu sahədə yol verilən nöqsanlara özlərinə məxsus formada yozum tapa bilərlər. Ancaq deyək ki, onkoloji şişi olan, şəkərli diabeti olan və yaxud böyrək çatışmazlığı olan insanlara gündəlik kimyəvi preparatları və dərmanları almaq üçün dövlətin kifayət qədər vəsait ayırmasına baxmayaraq, həmin xəstələrin əksəriyyəti məhz dərman çatışmazlığından dünyalarını dəyişirlər. Deməli, buna heç bir yozum tapmaq, izahat vermək mümkün deyil. Doğrudan da, əgər yerlərdə vəziyyət belə acınacaqlıdırsa, onda dövlətin ayırdığı pullar hara gedir? Adətən, biz bu məsələlərə hər il parlamentdə hökumətin hesabatında və büdcə məsələlərinin müzakirəsində toxunuruq. Ancaq yerlərdə imtiyazlı xəstələrin dərmanlarla təminatının ildən-ilə pisləşməsi sübut edir ki, bu məsələyə ötəri deyil, çox ciddi yanaşılmalıdır. Ona görə də mən təklif edirəm ki, bu məsələ ayrıca olaraq iclasların birinin gündəliyinə salınsın, ətraflı müzakirə aparılsın və yaranmış ağır vəziyyəti aradan qaldırmaq üçün konkret tədbirlər görülsün. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, cənab Sədr. Mən Milli Məclis üçün aktual bir məsələyə toxunmaq istərdim. Söhbət Milli Məclisin və deputatların fəaliyyətinin mətbuatda işıqlandırılmasından gedir. İndiki vəziyyət heç də qənaətbəxş deyil. Düzdür, plenar iclaslar haqqında bütün qəzet və telekanallar məlumat verir. Lakin bu məlumatlar çox vaxt bu və ya digər mətbu orqanların şəxsi maraqları güzgüsündə işıqlandırılır. Bilirsiniz ki, güzgü də bəzən əyri olur.
Bizim deputatlar bir sıra beynəlxalq qurumlarda, konfranslarda, tədbirlərdə fəal iştirak edirlər. Lakin bu barədə telekanallarda, demək olar ki, heç bir informasiya getmir. Mən hələ seçki dairələrindəki işimiz barədə demirəm. Halbuki 125 deputatın 125-i də seçicilərlə çox fəal işləyir. Biz daim regionlarda olur, seçicilərin çoxsaylı problemlərini həll etməyə çalışır, kimsəsizlərə əl tuturuq. Hələ deputatların elm, mədəniyyət, iqtisadiyyat, idman sahəsində fəaliyyətini nəzərdə tutmuram. Deputatların əksəriyyəti tanınmış şəxsiyyətlərdir. Lakin onların çoxsaylı və faydalı işləri haqqında cəmiyyət, doğrudan da, xəbərdar deyil. Təəssüf ki, biz yalnız qalmaqaldan-qalmaqala yada düşürük. Qəbul etdiyimiz qanunların mahiyyətini də əhaliyə çatdırmaq, onları maarifləndirmək də çox vacib işdir.
Noyabrın ortalarında mən Tbilisidə olmuşdum. ATƏT KİV haqqında beynəlxalq konfrans keçirirdi. Gürcü dostlarımız danırdılar ki, onlarda ikinci ictimai kanal açacaqlar. Orada Osetiyadan verilişlər birbaşa translyasiya olunacaq, parlament komitələrinin iclasları göstəriləcək, siyasi debatlar keçiriləcək, parlamentdə təmsil olunan bütün partiyalar üçün xüsusi vaxt ayrılacaq. Hesab edirəm ki, bizdə də məqam yetişib. Əgər biz mətbuatın əyri güzgüsündə yox, obyektiv güzgüsündə görünmək istəyiriksə, mütləq dolğun və obyektiv informasiya kanalı əldə etməliyik. Yəni özümüzün parlament telekanalımız olmalıdır, yaxud Gürcüstandakı kimi, ikinci ictimai kanal açmağa nail olmalıyıq. Mən bu məsələni rəhbərlik qarşısında bir təşəbbüs kimi irəli sürür və bütün deputatları bu təşəbbüsə qoşulmağa çağırıram. Bilirəm ki, hörmətli Oqtay müəllim də bunu istəyir. Gəlin, hamımız bu məsələdə ona dəstək olaq, imza toplayaq və hamılıqla Milli Televiziya və Radio Şurasına müraciət edək. Onda parlament telekanalının açılışı Oqtay Əsədovun istəyi kimi yox, bütün Milli Məclis üzvlərinin siyasi iradəsi kimi qəbul ediləcək. Bu da öz növbəsində cəmiyyətin demokratikləşməsinə doğru mühüm bir addım olacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Elmira xanım, birbaşa mənim boynuma qoyursunuz ki, Oqtay Əsədov öz istəyi ilə telekanal açmaq istəyir? Biz Milli Məclisin daxili televiziyasını yaratmışıq. İkincisi, deyirsiniz ki, mətbuat orqanları Milli Məclisin işini az işıqlandırırlar. Mən bununla razı deyiləm. Nə vaxt telekanalı açırıqsa, görürük ki, bizim Milli Məclisin deputatları televiziyalarda çıxış edirlər. Əgər səhv deyirəmsə, səhvimi düzəldin. Hansı televiziya bizim Milli Məclisin, yaxud Milli Məclisin deputatının fəaliyyətini işıqlandırmağa öz dəstəyini göstərməyib?
O ki qaldı seçicilərlə işə, seçicilərlə işləmək bizim birbaşa borcumuzdur. Yəni seçicilərlə işimizi niyə reklam etməliyik? Seçicilərlə işləmək borcumuzdur. Amma mən demişəm ki, Milli Məclisin televiziyası yaranıb, var. Milli Məclisin daxilində telekanal söhbətini deməmişəm. Ona görə də xahiş edirəm, mənim adımdan təşəbbüs irəli sürmək lazım deyil. Bax, sənə baxırlar, sən çıxış edəndə səni göstərirlər. Deyirsən ki, ayrıca kanal da olsun?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Milli Məclisin televiziyası başqa şeydir, daxili televiziya başqa şeydir. Sənin bütün çıxışların, maşallah, yazılır, televiziyada göstərilir. İndi televiziya olanda heç sənin qabağında durmaq olmaz ki. Mikrofona da bir yox, iki yumruq vurarsan. Müzakirələrin vaxtı bitdi. Buyurun, Bahar xanım.
B. Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. Mən sözümün əvvəlində onu demək istəyirəm ki, biz heç zaman burada cari məsələlərə 30 dəqiqə vaxt ayırmamışıq. Hər zaman 35, 40, 45 dəqiqə olub. Elə buna görə də Oqtay müəllimə təşəkkür etmək lazımdır ki, o bizə cari məsələlərdə fikirlərimizi söyləmək üçün belə imkan yaradır. O ki qaldı televiziyada deputatların fəaliyyətinin işıqlandırılmasına, mən də cənab Sədrlə razıyam ki, Milli Məclis və Milli Məclisin deputatları ictimaiyyətin, mətbuatın kifayət qədər diqqətindədir. O məsələ müzakirə predmeti ola bilər ki, necə diqqətindədir? Elmira xanım dediyi kimi, güzgü əyridirmi, yoxsa düzdürmü? Bu məsələdə mətbuatla, mətbuatın işi ilə bağlı fikir mübadiləsi aparmaq olar. Mənə elə gəlir ki, burada səslənən bütün fikirləri mətbuat qeydə alır və öz işində bununla bağlı nöqsanları aradan qaldıra bilər. Cəmiyyətdəki, parlamentin işindəki nöqsanları tapmaq, araşdırmaq, ictimaiyyətin diqqətinə çatdırmaq bir tərəfə, öz fəaliyyətlərindəki nöqsanlı cəhətləri də araşdırmaq və aradan qaldırmaq mətbuatın bir nömrəli vəzifəsi olmalıdır.
Əlbəttə, bizi narahat edən bir sıra məsələlərlə, burada səslənən fikirlərin bir çoxu ilə razıyam və bəzi narahatlıqları da təbii qəbul edirəm. Amma referendumla bağlı, təşəbbüs qruplarının qeydiyyat prosesi ilə bağlı onu söyləmək istəyirəm ki, Qanunla hər kəsin səlahiyyəti aydın şəkildə müəyyənləşdirilib. Milli Məclis referendumun keçirilməsi ilə bağlı qərar qəbul edib. Yadınızdadırsa, müxalifət partiyalarının bir qrupu müraciət etmişdi ki, Milli Məclis bu qərarına yenidən baxsın, referendum haqda qərarı ləğv etsin. Hesab edirəm ki, müxalifət düşərgəsində bu qədər dağınıq mövqeyin olması onların özünün çaşqın vəziyyətdə olmasından irəli gəlir. Yəni bir qrup bunu ləğv etməyi tələb edir, digər qrup da xahiş edir ki, onların bu referendumda iştirakını təmin etmək üçün təşəbbüs qruplarına hansısa köməklik göstərilsin. Ona görə hesab edirəm ki, hər kəs qanunda nəzərdə tutulan vəzifələrin vaxtında yerinə yetirilməsini təmin etməlidir. Onda hansısa bir nigarançılıq olmayacaq.
Dövlət dili ilə bağlı mən fikrimi bildirmək istəyirəm. Bu məsələ ilə bağlı ötən il ictimaiyyət arasında narahatlıqlar qalxanda da münasibətimi bildirmişdim. Amma mənimlə çox zaman eyni fikirdə olan insanlar da bu məsələdə mənimlə fərqli mövqedədirlər. Mən mövqeyimi bir daha təkrarlamaq istəyirəm. Söhbət hansısa başqa dilin sıxışdırılmasından, təzyiq altında qalmasından yox, Azərbaycanın dövlət dilinin tətbiqindən gedir. Bu kiminsə xoşuna gələ də bilər, gəlməyə də bilər. Biz müxtəlif dilləri mənimsəyib, ən yüksək səviyyədə danışa bilərik, anlaya bilərik, amma bu proses dövlət dilimizin sıxışdırılması hesabına həyata keçirilməməlidir. Konstitusiyada aydın və imperativ şəkildə göstərilib ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bütün dillərə hörmət, münasibət öz yerində, amma öz dilimizin tətbiqi ilə bağlı narahatlıqları mən qəbul edirəm. Nə qədər bizə yaxın dil də olsa, hər bir dövlətin, hər bir millətin öz dili var və həmin dilin tətbiqi ilə bağlı görülən tədbirləri normal qəbul etmək və onu süngü ilə qarşılamaq lazım deyil.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Qəribədir, bizim dövlətimiz möhkəmləndikcə, bu və ya digər problemləri dövlətin gücü və siyasi iradəsi hesabına aradan qaldırmaq iqtidarımız artdıqca cəmiyyətdə bəzi adamların narahatlıqları da artır. Azərbaycanda xarici radiostansiyaların yayımının, verilişlərin dayandırılması ilə bağlı məsələyə birdəfəlik son qoymaq lazımdır. Bu dayandırılmayıb. Bütün səviyyələrdə buna münasibət bildirilib. Cənab Prezidentin də mövqeyi ondan ibarət olubdur ki, biz radioları bağlamamışıq. Sadəcə, bu istiqamətdə qanunvericiliyin tələblərinə əməl olunmasını tövsiyə edirik. Ona görə də mən hesab edirəm ki, Azərbaycanın daxili tezliklərində xarici radiostansiyaların yayılması məsələsi ilə bağlı Milli Televiziya və Radio Şurasının qaldırdığı məsələ düzgündür və bununla bağlı nə Azərbaycan iqtidarını, nə ayrı-ayrı şəxsləri, nə də mövcud qurumun rəhbərliyini günahlandırmağa ehtiyac var.
Biz öz qanunlarımızın tətbiqini gücləndirdikcə bundan sevinməliyik, narahat olmamalıyıq. Hətta bəzi mətbuat orqanlarının, qəzetlərin köşə yazarları bunu günün mövzusu kimi qəbul edir, Azərbaycan qanunlarının tətbiqinin ciddiliyini istehza ilə qarşılamağa çalışırlar. Bu nə dərəcədə düzgündür? Biz nə vaxta qədər özümüzə, bir qədər yumşaq desək, tənqidi yanaşacağıq, özümüzü bəyənməyəcəyik? Mən hesab edirəm ki, bu məsələ ilə bağlı cəmiyyətdə birmənalı mövqe olmalıdır, Azərbaycan qanunlarının tətbiqi, aliliyi hər şeydən üstün olmalıdır və nəhayət, biz özümüzə hörmət etməyi bacarmalıyıq.
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin fəaliyyəti ilə bağlı bu gün lazımsız fikirlər gedir. Burada Səməd Seyidov çox ciddi informasiya verdi, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti ilə, onun gördüyü işlərlə bağlı açıq, şəffaf şəkildə danışdı. Eyni zamanda, Avropa Şurasında mövcud olan qərəzli münasibəti, ikili standartı açıq şəkildə ortaya qoydu. Buna niyə istehza ilə münasibət bildirmək lazımdır? Azərbaycanın beynəlxalq təşkilatlar səviyyəsində mövqeyini ortaya qoymasını şübhə altına almağa kimin haqqı var? Mən hesab edirəm ki, bu məsələlərdə də ciddi olmağın vaxtıdır. Doğrudan da, Azərbaycan bu gün dünyada baş qaldıran maliyyə böhranı, bəzi hallarda siyasi böhran, bəzi hallarda digər böhranların içərisində özünü qorumağı, daxili sabitliyini qorumağı bacarırsa, bütün bu çətinliklər içərisində inkişafının sürətini azaltmırsa, inkişafını daha da artırırsa, buna sevinmək və bu işə kömək etmək lazımdır. Mən hesab edirəm ki, cənab Sədr, artıq biz gündəliyimizə keçə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad müəllim, gündəliyə keçirik. Gündəliyin birinci məsələsi Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun layihəsinin müzakirəsidir. Buyursun Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Bu məruzə ilə bağlı istinad edəcəyim sənədlərin çoxunu nəzərə alaraq, icazə verəsiniz, yerimdən çıxış edim.
Hörmətli millət vəkilləri, biz keçən payız sessiyasında cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun layihəsini iki oxunuşda müzakirə etdik. İkinci oxunuşda bir sıra suallar və təkliflər meydana çıxmışdır.
Qeyd etmək istəyirəm ki, belə bir qanunun qəbulu Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biridir. Eyni zamanda, bu məsələ Avropa Şurasının Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) ilə 2002-ci ildən etibarən əməkdaşlıq nəticəsində meydana gəlmişdir. Bir fikri də xüsusi vurğulamaq istəyirəm ki, cənab Prezidentin sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında, daha sonra Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada da belə bir qanunun qəbul olunması qeyd edilmişdir. Məhz bu öhdəliyi, yəni bizim beynəlxalq hüquqi öhdəliyi və milli proqramın tələbini nəzərə alaraq, qanun layihəsi işlənib hazırlanmış və parlamentə təqdim edilmişdir.
Müzakirələr göstərdi ki, bu məsələyə iki baxış mövcuddur. Bir sıra hallarda həm millət vəkillərinin çıxışlarında, həm də mətbuatda belə bir narahatçılıq mövcud idi ki, guya belə bir qanunun qəbulu hər hansı bir formada sahibkarlığın inkişafına mane ola bilər. Çünki bu qanunun mənasına görə cinayət yolu ilə əldə edilmiş vəsaitlərin qarşısının alınması ilə bağlı xüsusi bir orqanın, maliyyə-kəşfiyyat qurumunun yaradılması nəzərdə tutulur. Amma qanunun mahiyyəti, qanunun müddəaları və bizim də izahatımız ondan ibarət olub ki, bu orqan heç bir halda özündə hansısa yeni bir hüquq mühafizə orqanı mahiyyəti daşımır. Bu, iqtisadi yönümlü bir qanundur, iqtisadi tənzimlənmə baxımından bir qanundur. Əlbəttə, sahibkarlığın, iqtisadiyyatın şəffaf inkişafına rəvac verən bir qanundur.
Qanun layihəsinin ləngiməsi o qədər də xoşa gəlməyən bir proseslə nəticələndi, Avropa Şurasının Ekspertlər Komitəsində (MONEYVAL) müzakirələrdə dəyərləndirmə zamanı proses o qədər də uğurlu olmadı. Bilirsiniz ki, Avropa Şurasının bu məsələ ilə bağlı rəsmi müraciəti də olmuşdur. Milli Məclisin Sədri Oqtay müəllimin bu məsələ ilə bağlı keçirdiyi müzakirə, daha sonra aparılan məsləhətləşmələr və nəticə etibarilə cənab Prezidentin tapşırığı nəticəsində işçi qrupu fəaliyyətini bir qədər sürətləndirdi. İşçi qrupu məhz Ekspertlər Komitəsinin (MONEYVAL) tövsiyələri əsasında işini yekunlaşdırmağa başladı.
Hesab edirəm ki, komissiyalarda olan müzakirələr və qanun layihəsinin parlamentə təqdim olunması götürdüyümüz öhdəliklərin icrasının uzanması baxımından bizi gözləyə biləcək hansısa neqativ halların qarşısını almış oldu. Əks təqdirdə belə amillər beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq zamanı respublikamızın imicinə, habelə həyata keçirilən irimiqyaslı iqtisadi layihələrin gerçəkləşməsinə və iqtisadi maliyyə qurumları ilə münasibətlərə xələl gətirə bilərdi. Amma qeyd etdiyim kimi, ölkə Prezidentinin tapşırığı nəticəsində işlər sürətləndirildi və artıq layihə üçüncü oxunuşda sizə təqdim olunmuşdur. Birmənalı şəkildə deyə bilərəm ki, layihə götürdüyümüz öhdəliklərə və tövsiyələrə uyğun olaraq hazırlanıb və sizə təqdim olunmuşdur.
Layihə ilə bağlı etdiyimiz sonuncu düzəlişlərlə də bağlı qısaca məlumat vermək istəyirəm. Ən mübahisəli məsələ 7-ci maddə ilə bağlı idi. Xatırlayırsınızsa, “monitorinq olunmalı pul vəsaitləri və ya digər əmlakla əməliyyatlar” adlanan həmin maddə müzakirələrdə mübahisə obyektinə çevrilmişdi. Düşünürəm ki, 7.1-ci və 7.2-ci maddələrin təqdim etdiyimiz yeni variantı bütün narahatçılıqları aradan qaldırmış olur: “Siyahısı və ümumi məbləğinin minimal həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatlar monitorinq iştirakçıları tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur”. Gördüyünüz kimi, söhbət məlumatın monitorinq orqanına, sadəcə, təqdim olunmasından gedir. Başqa bir öhdəlik yoxdur.
7.2-ci maddədə qeyd olunur ki, məbləğindən asılı olmayaraq, aşağıdakı pul vəsaitləri və ya digər əmlak, onlarla əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər monitorinq olunur. Əməliyyatlar məbləğindən asılı olmayaraq, mütləq monitorinq olunmalıdır.
Narahatlıq yaradan ikinci məsələ. Ümumiyyətlə, hansısa bir məlumat monitorinq olunursa, əgər burada hansısa bir şübhəli bir əməliyyat olubsa və hüquq mühafizə orqanlarının müdaxiləsi labüddürsə, bu zaman həmin əməliyyatın icrasının dayandırılması qanunvericilikdə göstərilən müddətlərdə icra olunmalıdır. Bu məsələnin üzərinə bir daha qayıtmaq istərdim. 11-ci maddə monitorinq iştirakçıları tərəfindən məlumatların maliyyə monitorinqi orqanına təqdim olunmasından bəhs edir. 11.4-cü maddəyə görə monitorinq iştirakçıları pul vəsaitləri və ya digər əmlakla əməliyyat barədə qanunun 7.2-ci və ya 9.12-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatı maliyyə monitorinqi orqanına təqdim etdiyi vaxtdan iki iş günü ərzində həmin əməliyyatı icra etməməlidirlər. Yəni burada konkret iki iş günü göstərilib və sonradan biz 19.1-ci maddəyə istinad etməliyik.
Maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə dair şübhə yaradan əməliyyat haqqında ona təqdim edilmiş məlumatlar əsasında həmin əməliyyatın icrasının dayandırılması barədə iki iş günü ərzində əsaslandırılmış qərar qəbul edə bilər. 19.1-ci maddədə qeyd olunan həmin iki iş günü məhz 11.4-cü maddədəki iki iş günüdür. Nə üçün bunu xüsusi qeyd edirəm? Çünki komissiyalarda müzakirələr zamanı bu iş günlərini üst-üstə gəlirdilər və nəticə etibarilə belə bir qərara gəlirdilər ki, guya maliyyə monitorinqi orqanı 10-15 gün müddətində əməliyyatı dayandıra bilir. Amma qeyd olunan bu iki iş günü eyni iş günüdür. Bu halda maliyyə monitorinqi orqanı dərhal əməliyyatı icra edən monitorinq iştirakçısına və monitorinqdə iştirak edən digər şəxslərə müvafiq göstəriş göndərir. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına dair şübhə yaradan əməliyyatın icrası maliyyə monitorinqi orqanı tərəfindən 72 saatdan artıq olmayan müddətdə dayandırıla bilər. Beləliklə, faktiki olaraq, əməliyyatın dayandırılması ilə bağlı məlumatın verilməsi və maksimum müddət 72 saat üst-üstə beş gündən çox deyil.
19.3-cü maddəyə görə əgər cinayət işinin qaldırılması ilə bağlı hansısa bir qərar qəbul olunubsa, artıq prosessual qanunvericilikdə göstərilmiş müddəalar işə düşməyə başlayır. Eyni zamanda, keçən dəfə komissiyalarda müzakirə zamanı işçi qrupunun rəhbəri hörmətli Rüfət müəllim də qeyd etdi ki, ehtiyac olarsa, məhz bu hallarla bağlı, yəni çevik araşdırmalar aparmaqdan ötrü prosessual qanunvericiliyə də düzəliş etmək mümkündür. Hər iki halın üzərində xüsusi olaraq dayandım, çünki məsələlər bir qədər mübahisə yaratmışdır, amma indi görürəm, çoxlu yazılanlar var.
Qeyd etmək istəyirəm ki, hər iki komissiyanın birgə müzakirəsi keçirilmiş və işgüzar bir müzakirə olmuşdur. Bizim işçi qrupunun rəhbəri Rüfət müəllimin ikinci oxunuş zamanı suallara verdiyi cavablar, yəqin, millət vəkillərinin yadındadır. Bizim komissiyaların birgə müzakirəsi nəticəsində nə işçi qrupunda, nə də millət vəkillərində hər hansı bir sual qalmışdır.
Bir daha vurğulayıram ki, təqdim etdiyimiz qanun layihəsi birgə komissiyalar tərəfindən peşəkarcasına araşdırılmışdır. Eyni zamanda, layihə Avropa Şurasının Ekspertlər Komitəsinin tövsiyələrinə də uyğundur. Ona görə də hesab edirəm ki, qanun layihəsini birmənalı şəkildə üçüncü oxunuşda qəbul etmək olar, bu həm bizim beynəlxalq öhdəliyimizə uyğun olacaq, həm də qeyd etdiyim kimi, neqativ bir halın da qarşısını almış olacağıq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Mən istəyirəm, Avropa Şurasının Ekspertlər Komitəsində (MONEYVAL) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlıya söz verək. Mikrofon verin.
R. Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, Əli müəllimin verdiyi məlumat qanun layihəsi üzərində aparılmış işi yetərli dərəcədə əhatə etdi. Sadəcə, bir məsələni vurğulamaq istəyirəm ki, Avropa Şurasında qanun layihəsinə dair aparılan müzakirələrdə üçüncü oxunuş öncəsi təxminən 10-dan çox məsələ çıxarılmışdı. Aparılmış müzakirələr nəticəsində həm Milli Məclisin millət vəkillərinin təşəbbüsləri və sualları, həm də Avropa Şurasında qaldırılmış məsələlərin Azərbaycanın mövcud qanunvericiliyinə və dövlət maraqlarına uyğunlaşdırılması nəzərə alınmışdır. Aparılmış müzakirələr nəticəsində əldə olunmuş sonuncu variant Avropa Şurası tərəfindən qanun layihəsinə dair verilmiş bütün sualların əhatə olunmasına zəmanət verir.
Bir daha vurğulamaq istəyirəm ki, çox hörmətli Əli müəllimin də qeyd etdiyi kimi, qanun layihəsi Azərbaycanda sahibkarlığın fəaliyyəti üçün, iqtisadi subyektlərin fəaliyyəti üçün heç bir təhdid yaratmır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, hələ 2004-cü ildən qüvvəyə minmiş “Banklar haqqında” Qanuna müvafiq olaraq pulların yuyulmasına qarşı Azərbaycanda müvafiq hüquqi çərçivənin əsas elementləri yaradılmışdır.
2007-ci ilin may ayından qüvvəyə minmiş Cinayət Məcəlləsinə əlavələrdə pulların yuyulması cinayət əməli kimi tanınmışdır. Bütövlükdə qanunvericiliyin son ştrixi kimi qəbul olunacaq bu qanun layihəsi dövlət tərəfindən həyata keçirilən tədbirlərin ümumi bir sistem halına salınmasına təminat verəcəkdir. Bu ayın sonunda pulların yuyulması və terrorçuluğun maliyyələşməsinə qarşı əsas beynəlxalq qurum olan FATF-da bu məsələnin müzakirəsi gözlənilir. Ona görə də mən millət vəkillərini bu qanun layihəsinə müsbət rəy verməyə dəvət edirəm. Əgər qanun layihəsi qəbul olunarsa, həmin müzakirələrdə bizim mövqeyimiz daha ciddi və daha güclü olacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən görürəm, 11 nəfər müzakirəyə yazılıb. Biz bu qanun layihəsini müzakirə eləmişik. Yazılanlardan təkid eləyən var? Əgər ürəyində sözü olan, təkid eləyən varsa, buyursun. Mən də hesab edirəm ki, bu qanun Azərbaycan üçün gərəklidir. Pənah Hüseyn təkid edir? Heç kimin sözü ürəyində qalmasın, bəlkə yeni bir əlavə eləyəcəklər. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Mən ötən iclasda da, yəni ikinci oxunuşda da təklif eləmişdim ki, üçüncü oxunuşda elə həmin iclasda bu qanun layihəsi qəbul olunsun. Mənə elə gəlir ki, prinsipcə, belə bir qanunun qəbul olunmasının heç kəs əleyhinə deyil. Amma burada narahatlıq doğuran bir-iki məqam oldu və bunu səsləndirdim. Burada hər halda qanuna görə adını maliyyə monitorinqi orqanı qoyduğumuz qurumun ciddi iş görməsi nəzərdə tutulur. Şəxsən mənim bu qanunun işləyəcəyinə və həmin monitorinq orqanının da səmərəli fəaliyyət göstərəcəyinə inamım və gümanım azdır.
Amma burada bir təklifim var. Bu cür orqanların fəaliyyətinin səmərəli olması üçün ən azı Milli Məclisdə müəyyən hesabatların və onların fəaliyyəti haqqındakı müzakirələrin aparılmasının hər halda müəyyən əhəmiyyəti olduğu qəbul edilməlidir. Hörmətli Sədr, ona görə də mənim bu çıxışıma səbəb odur ki, maliyyə monitorinqi orqanı ildə bir dəfə Milli Məclisdə hesabat versin. Əgər belə bir müddəa burada əks olunsaydı, hesab edirəm ki, həm qanunun işləməsi baxımından, həm də bu məsələyə ictimai nəzarətin, parlament nəzarətinin olması baxımından əhəmiyyətli olardı. Mən bunu səsləndirmək istəyirdim. Prinsip etibarilə, təkrar edirəm, bu qanun, təbii ki, bu gün qəbul olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Mən hesab edirəm ki, əvvəl biz bu qanun layihəsini qəbul edək, bu orqan yaransın, sonra bu məsələyə qayıda bilərik. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)

Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun. Hamınıza təşəkkür edirəm. Bu çox vacib qanun idi. Həm işçi qrupunu, həm də komissiyaların üzvlərini bir daha təbrik edirəm! Sağ olun.
Gündəliyin ikinci məsələsinə keçirik. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məru-zəsi haqqında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov buyursun.
V. Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı 2008-ci il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm.
Yola saldığımız il ölkəmiz üçün uğurlarla zəngin olmuş, böyük quruculuq işləri həyata keçirilmiş, ictimai həyatın bütün sahələrində islahatlar müvəffəqiyyətlə davam etdirilmişdir. Ölkəmizin beynəlxalq əlaqələri genişlənmiş və nüfuzu xeyli yüksəlmişdir.
Ötən il Prezident seçkilərində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük vətəndaş həmrəyliyi ilə parlaq qələbəsi aparılan siyasi kursa xalqımızın yüksək etimadını nümayiş etdirdi, ölkənin uğurlu gələcəyinə inamı daha da artırdı.
Ölkəmizdə həyata keçirilən hərtərəfli mütərəqqi islahatlar demokratik təsisatların möhkəmlənməsinə, daha səmərəli idarəetmə mexanizminin yaradılmasına, demokratik ənənələrin dərinləşməsinə imkan yaratmışdır. Ulu öndər Heydər Əliyevin yerli özünüidarəetmənin inkişafı ilə bağlı müəyyənləşdirdiyi siyasi kurs uğurla davam etdirilmiş, dövlət idarəçiliyinin tərkib hissəsi olan yerli özünüidarəetmə daha da təkmilləşmişdir.
Yerli demokratiyanın inkişaf etdirilməsinin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olması bu sahədə yeni-yeni uğurlar əldə olunmasına böyük zəmin yaradır. Əhalinin bələdiyyələrlə sıx əlaqələrinin qurulması, vətəndaşların özünüidarə işlərində getdikcə daha fəal iştirak etmələri, bələdiyyə idarəçiliyinə maraq və inamlarının artması seçilmiş yolun düzgünlüyünü və dönməzliyini göstərir.
Sosial-iqtisadi problemlərin həllində bələdiyyələrin rolunun gücləndirilməsi, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə 25 iyul 2008-ci ildə Yevlax şəhərində bələdiyyə sədrlərinin II Ümumrespublika toplantısı keçirilmişdir. Həmin tədbirdə bələdiyyələrin fəaliyyəti geniş müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyən olunmuşdur.
Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də yerli özünüidarə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi böyük önəm daşımışdır. 2008-ci il 25 aprel tarixli qanunla “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilərək, bələdiyyələrin birləşmək imkanlarının genişləndirilməsi istiqamətində gərəkli addımlar atılmışdır. Yeni qanun bələdiyyələrin maliyyə, əmlak və başqa resurslardan daha səmərəli istifadə etməsinə imkan yaradır.
Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsinə yönəlmiş 2007-ci il 23 oktyabr tarixli qanunla dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində istifadə, icarə və mülkiyyət hüquqlarının yalnız hərrac və müsabiqələr vasitəsilə əldə olunmasının müəyyən edilməsi çox böyük əhəmiyyət daşıyır. Bununla bağlı Milli Məclis 2008-ci il 28 oktyabr tarixli qanun qəbul edərək, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında” qanunlara, Torpaq Məcəlləsinə və bir sıra başqa qanunlara dəyişikliklər və əlavələr etmişdir. Eyni zamanda, ölkə Prezidentinin 2008-ci il 10 dekabr tarixli fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi Qaydaları”na dəyişikliklər və əlavələr edilmişdir. Yeni qanunvericilik aktları bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına, bələdiyyələrin maliyyə mənbələrinin gücləndirilməsinə imkan yaradır.
Milli Məclisin 2008-ci il 26 oktyabr tarixli qərarı ilə ümumxalq səsverməsinə, referenduma çıxarılmış Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair Referendum Aktına insan haqlarının etibarlı qorunması, dövlət idarəçilik mexanizminin təkmilləşdirilməsi və digər demokratik müddəalarla yanaşı, yerli özünüidarə orqanlarının müstəqilliyinə təminat verən normalar da daxil edilmişdir. Bələdiyyələrin müstəqilliyinin konstitusion təsbitini nəzərdə tutan bu əlavələr beynəlxalq standartlara, o cümlədən “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasının tələblərinə tam uyğun olmaqla bələdiyyələrin inkişafına əlavə təminat verəcəkdir.
Bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramında olduqca önəmli tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, həmin proqramda:
– bələdiyyə qanunvericiliyinin tətbiqi ilə əlaqədar mövcud boşluqların aradan qaldırılması üçün müvafiq ekspertizanın aparılması və təkliflərin verilməsi;
– bələdiyyələr və icra hakimiyyəti orqanlarının səlahiyyətləri və birgə fəaliyyəti ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi;
– bələdiyyələrin fəaliyyətinə nəzarət mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
– bələdiyyələrin yerlərdə əhaliyə sosial və kommunal xidmətlərin təşkilində rolunun genişləndirilməsi;
– əhalinin aztəminatlı təbəqələrinə göstərilən sosial yardımların və xidmətlərin ünvanlılığını təmin etmək məqsədi ilə bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsi kimi çox mühüm tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir.
Bütün bunlar yerli demokratiyanın daha da inkişaf etdirilməsində çox önəmli olmaqla yanaşı, həm də “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasından irəli gələn öhdəliklərin Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda yerli və regional demokratiyaya dair 126 nömrəli tövsiyəsinin tamamilə yerinə yetirilməsinə yönəlmişdir.
“2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramından irəli gələn vəzifələr Ədliyyə Nazirliyi kollegiyasının 2008-ci il 30 oktyabr tarixli iclasında geniş müzakirə edilərək bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə orqanlarına göstərilən metodik yardımın səviyyəsinin yüksəldilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi barədə qərar qəbul edilmişdir.
Eyni zamanda, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində 2008-ci il 19 noyabr tarixdə bələdiyyələrin və bələdiyyələrin milli assosiasiyalarının nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirilərək dövlət proqramından irəli gələn vəzifələr, onların yerinə yetirilməsi tədbirləri müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr və 2007-ci il 28 iyul tarixli sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da yerli özünüidarə ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası da Ədliyyə Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır.
Mühüm dövlət sənədinin icrası məqsədi ilə ayrı-ayrı rayonlarda seminarlar və digər tədbirlər keçirilmiş, həmçinin şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə məsələləri 17 seminarın gündəliyinə daxil edilmişdir.
Bələdiyyələrin işinin qanunauyğunluğunu təmin etmək məqsədi ilə onların fəaliyyətinə “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasında müəyyən edilmiş prinsiplərə uyğun inzibati nəzarət həyata keçirilir. Ədliyyə Nazirliyinin üzərinə qoyulmuş bu mühüm vəzifələrin icrası üzrə nazirlik tərəfindən müvafiq tədbirlər görülür.
Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanına uyğun olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, onlara hüquqi və metodik yardımın yaxşılaşdırılması məqsədi ilə Ədliyyə Nazirliyi regional ədliyyə şöbələrinin kadrlarla komplektləşdirilməsi, onların işinin düzgün təşkili üçün əlavə tədbirlər həyata keçirmişdir. Yeni təyin olunmuş kadrların peşə hazırlığını yaxşılaşdırmaq məqsədi ilə onlara əməli və metodik kömək göstərilmişdir.
Bu gün mətbuatda dərc olunmuş möhtərəm Prezidentimizin 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013-cü illər üçün Dövlət Proqramı”nda ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətinin son dövrlərin tələblərinə uyğun qurulması, həmçinin regional ədliyyə şöbələri üçün bir sıra vacib məsələlərin həyata keçirilməsi, yeni inzibati binaların tikilməsi, onların yüksək maddi-texniki təminatı, həmçinin informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması nəzərdə tutulur. Dövlət proqramında nəzərdə tutulan bu tədbirlərin həyata keçirilməsi gələcəkdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin daha səmərəli yerinə yetirilməsinə imkan verəcəkdir.
2008-ci ildə Ədliyyə Nazirliyinə (Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi də daxil olmaqla) bələdiyyələrin fəaliyyəti il bağlı 1615 müraciət daxil olmuşdur. İcraatda olan müraciətlərin bir qisminə baxılaraq müvafiq şəxsə və orqana əsaslandırılmış, qanuna müvafiq yazılı cavab verilmiş və ya aidiyyəti üzrə göndərilmiş, bəziləri üzrə isə inzibati nəzarət icraatı başlanmışdır.
2008-ci il ərzində Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün 15670 bələdiyyə aktı göndərilmiş və onların qanunvericiliyə uyğunluğu öyrənilmişdir. Bundan başqa, 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icraatına 1395 bələdiyyə aktı daxil olmuşdur. Beləliklə, ölkə bələdiyyələri tərəfindən 17065 akt baxılmaq üçün ədliyyə orqanlarına təqdim olunmuşdur.
İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 635 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələr qarşısında məsələ qaldırılmışdır. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən 436 akt ləğv edilmiş, 1 akt dəyişdirilmiş, digərləri isə baxılmaqdadır. Ləğv edilməmiş qərarlar üzrə il ərzində məhkəmələrə 143 iddia verilmişdir.
Bununla yanaşı, fəaliyyətləri zamanı qanun pozuntularına yol verdiklərinə görə 421 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmələrə göndərilmişdir.
İnzibati nəzarət icraatı zamanı bəzi bələdiyyələrin fəaliyyətində daha ciddi və cinayət xarakterli hüquq pozuntularına rast gəlinmişdir. Həmin pozuntular, əsasən, aşağıdakılardır:
– torpaqların ayrılmasında hərrac və müsabiqə qaydalarının pozulması;
– satışı qadağan olunan torpaq sahələrinin xüsusi mülkiyyətə verilərək dövriyyədən əsassız çıxarılması;
– vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması;
– pul vəsaitlərinin qanunsuz xərclənməsi;
– torpaq sahəsi ayrılarkən bazar qiymətlərinin nəzərə alınmaması;
– vergi və ödənişlərin yerli büdcəyə ödənilməsinin tam təmin olunmaması nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması;
– maliyyə sənədlərinin gizlədilməsi.
İnzibati icraat zamanı aşkar edilmiş faktlar üzrə 15 bələdiyyə haqqında prokurorluq orqanlarına müraciət edilmişdir. Müraciətlər əsasında aşağıdakı cinayət işlərinə başlanılmışdır:
– Neftçala rayonu Xəzər bələdiyyəsində təkbaşına qərarlar verilməsi, torpaq vergisi və icarə haqlarının toplanmaması nəticəsində bələdiyyə büdcəsinə 168 min manat ziyan vurulduğuna görə Cinayət Məcəlləsinin 308.1 və 314-cü maddələri ilə;
– Goranboy rayonu Xanqərvənd bələdiyyəsində təkbaşına qərarlar verilməsi nəticəsində bələdiyyə büdcəsinə 31 min manatdan çox məbləğdə ziyan vurulmasına görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə;
– Quba rayonu Gömür Dəhnə bələdiyyəsində təkbaşına qərarlar verərkən, pul vəsaitinin qanunsuz xərclənməsi nəticəsində bələdiyyə büdcəsinə 48 min manat məbləğində ziyan vurulmasına, xəzinə-bank sənədlərinin gizlədilməsinə görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə.
Lənkəran rayonu Liman bələdiyyəsində 30 hektar, Quba rayonu Dağlı bələdiyyəsində 4,24 hektar, Oğuz rayonu Tayıflı bələdiyyəsində 3 hektar, Bərdə rayonu Qasımbəyli bələdiyyəsində 5 hektar ümumi istifadə olunan torpaq sahəsinin qanunsuz olaraq xüsusi mülkiyyətə verilməsi faktlarına görə də cinayət işi başlanılmışdır.
Göstərilənlərdən başqa, Zaqatala rayonu Aşağı Tala, Cəlilabad rayonu Çinar, Masallı rayonu Mahmudavar, Kürdəmir rayonu Mürtülü, Ağcabədi rayonu Böyük Kəhrizli, Tovuz rayonu İbrahimhacılı bələdiyyələrində də bələdiyyə büdcəsinə ziyan vurulması faktları aşkar edilmişdir.
Sabunçu rayonu Maştağa bələdiyyəsində sədr tərəfindən təkbaşına qərarlar verməklə pul vəsaitinin qanunsuz xərclənməsi nəticəsində bələdiyyə büdcəsinə 305 min manat məbləğində ziyan vurulmasına dair materiallar Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə başlanılmış cinayət işinə əlavə olunmaq üçün Azərbaycan Respublikası Prokurorluğuna göndərilmişdir.
2008-ci il ərzində bələdiyyələr tərəfindən 289,2 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə, 5703 hektar torpaq sahəsinin qanunsuz olaraq icarəyə, 97 hektar torpaq sahəsinin isə qanunsuz olaraq istifadəyə verilməsi haqqında qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr, habelə iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilmişdir. Bütövlükdə, il ərzində 6090 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınmışdır.
Ayrı-ayrı bələdiyyələrdə maliyyə vəsaitinin həcminin bələdiyyə aktlarında göstərilməməsi, bələdiyyə iclaslarının ardıcıl keçirilməməsi, iclas protokollarının tərtib edilməməsi, bələdiyyələrin daimi komissiyalarının formalaşdırılmaması hallarına rast gəlinir. Bəzi bələdiyyələr isə istifadə olunmuş pul vəsaitlərinin xərclənməsi barədə mühasibat uçotu qaydalarına uyğun sənədləşdirmə aparmamışlar.
Bununla yanaşı, bəzi bələdiyyələrdə zəbt olunmuş torpaqların azad edilməsi və ya qanunsuz istifadəçilərin vergiyə cəlb olunması, həmçinin icarəyə verilmiş torpaqlara dair icarə haqqının yığılması üçün tədbirlər görülmür.
Təhlillər göstərir ki, bələdiyyə büdcəsi başlıca olaraq torpaq və əmlak vergisi, bələdiyyə əmlakının özəlləşdirilməsi, bələdiyyə əmlakının icarəyə verilməsi hesabına formalaşır. Qanunvericilikdə müəyyən edilmiş başqa vergi və ödənişlərin xüsusi çəkisi isə bələdiyyə büdcəsində çox cüzidir. Mədən vergisinin, mehmanxana, sanatoriya-kurort və turizm xidmətlərini göstərən şəxslərdən alınan ödənişlərin toplanmasında fəaliyyətsizlik göstərilmişdir.
Bələdiyyələrin fəaliyyətində qanun pozuntularına yol verilməməsi və maarifçilik məqsədi ilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 800-dən çox tövsiyə göndərilmişdir. Bu tövsiyələrdə qanunvericiliyin tələbləri izah edilmiş, yol verilmiş nöqsanların və qanun pozuntularının aradan qaldırılması yolları göstərilmiş və onların təkrar edilməməsi tövsiyə olunmuşdur.
Göstərilənlərlə yanaşı, nazirlik tərəfindən bələdiyyə üzvləri və qulluqçularının maarifləndirilməsi və onlara hüquqi, metodoloji yardım göstərilməsi məqsədi ilə bir çox seminarlar, tədris kursları, müşavirələr və sair tədbirlər təklif olunmuş, metodik vəsaitlər hazırlanmışdır.
2008-ci ildə Ədliyyə Akademiyasında bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları üçün keçirilmiş həftəlik kurslarda dinləyicilərə akademiyanın, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsi və Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları tərəfindən mühazirələr oxunmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında ixtisasartırma kursu təşkil edilmişdir. 2008-ci il ərzində 15 tədris kursuna 233 nəfər dinləyici cəlb olunmuşdur.
Maarifçilik işində seminarların, müşavirələrin bölgələrdə təşkilinə xüsusi əhəmiyyət verilir. İl ərzində keçirilmiş 24 seminarda 1214 nəfər bələdiyyə üzvü və bələdiyyə qulluqçusunun iştirakı təmin edilmişdir. Qeyd olunmalıdır ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən də regionda fəal maarifçilik işləri aparılmışdır. İl ərzində Naxçıvan Muxtar Respublikasının bələdiyyələri üçün 7 seminar-müşavirə keçirilmiş və bu tədbirlərə 300-dən çox bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.
“Avropada yerli demokratiya həftəsi”nin keçirilməsi ilə bağlı 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, Bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, Ədliyyə Nazirliyi və bələdiyyələrin milli assosiasiyalarının yaxından iştirakı ilə 51 rayonda bələdiyyə sədrlərinin müşavirələri keçirilmiş, bələdiyyələrin qarşısında duran vəzifələr geniş müzakirə edilmişdir.
Beləliklə, başqa təlim-tədris kursları da daxil olmaqla 2500-dən çox bələdiyyə üzvü və bələdiyyə qulluqçusu maarifləndirməyə cəlb olunmuşlar. Bütövlükdə il ərzində 114 maarifləndirici tədbir keçirilmişdir.
Göstərilənlərlə yanaşı, kütləvi informasiya vasitələrindən istifadə etməklə daha geniş auditoriya üçün maarifçilik tədbirləri həyata keçirilmiş, məhz bu nəşrlərdə məqalələr nəşr olunmuş, radio və televiziyalarda mütəmadi çıxışlar edilmişdir. Ədliyyə Nazirliyinin rəsmi nəşri olan, “Yerli özünüidarə orqanlarının normativ aktlarının bülleteni”ndə aidiyyəti qanunvericilik aktları, xarici ölkələrdə yerli özünüidarəetmə təcrübəsinə dair materiallar, bələdiyyələr üçün digər zəruri metodik vəsaitlər və sair materiallar dərc olunmuşdur. İl ərzində 12 metodik vəsait hazırlanmışdır.
2008-ci ildə bələdiyyələrin milli assosiasiyalarının da fəaliyyəti genişlənmiş, onların təşəbbüsü və iştirakı ilə bir çox tədbirlər keçirilmişdir.
Bələdiyyə sədrlərinin II Ümumrespublika toplantısının hər il Azərbaycanda “Yerli demokratiya həftəsi”nin keçirilməsi barədə qərarına uyğun olaraq 2008-ci ilin noyabrında həftə çərçivəsində bələdiyyələrdə açıq qapı günləri, yerli sakinlərlə çoxsaylı görüşlər, onların iştirakı ilə bələdiyyə iclasları və tədbirlər keçirilmiş, sakinlərin təklifləri və istəkləri dinlənilmişdir. Bu tədbirlərin bəzilərində Avropa Şurasının eksperti də iştirak edərək “Yerli demokratiya həftəsi”nin keçirilməsinə yüksək qiymət vermişdir. Avropa Şurasının Demokratiya və Siyasi Məsələlər Baş Direktorluğunun hazırladığı məlumatda yerli demokratiya həftəsinin ən fəal keçirildiyi ölkələr sırasında Azərbaycanın da adı qeyd olunmuşdur.
Yerli demokratiya və özünüidarəetmə inkişafı istiqamətində Avropa Şurasının müvafiq qurumları və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa da xüsusi əhəmiyyət verilir. İlk növbədə qeyd olunmalıdır ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanda yerli və regional demokratiyaya dair 126 nömrəli tövsiyəsinin yerinə yetirilməsi yönümündə görülmüş işlərlə bağlı Azərbaycan hökumətinin yeni məruzəsi müvafiq dövlət orqanlarının məlumatları nəzərə alınmaqla hazırlanaraq konqresə təqdim olunmuşdur.
Avropa İttifaqından və Avropa Yerli və Regional Hakimiyyətlər Konqresindən Azərbaycan hökumətinə təqdim olunmuş Avropa regional demokratiya Xartiyasının layihəsinə baxılmışdır. Ermənistanın ölkəmizə qarşı işğalçı siyasətinin davam etdiyi hazırkı dövrdə həmin Xartiyanın bəzi müddəalarının qəbul olunmasının mümkünsüzlüyü barədə nazirlik tərəfindən aidiyyəti dövlət qurumları ilə razılaşdırılmaqla əsaslandırılmış rəy tərtib olunmuş və bu Xartiyaya qoşulmaqdan imtina edilmişdir.
Yerli özünüidarə sahəsində Avropa Şurasının müvafiq strukturları ilə qarşılıqlı əlaqələr daha da möhkəmləndirilmişdir. Keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndə heyəti ölkəmizi layiqincə təmsil etmiş, aktual məsələlər üzrə ölkəmizin maraqlarına uyğun təkliflər verilmiş və bir çox hallarda bu təkliflər qəbul olunmuşdur.
Avropa Şurası ilə əlaqələri genişləndirmək, yerli özünüidarənin inkişafında onların potensialından daha səmərəli istifadə etmək məqsədi ilə Avropa Şurasının Yerli Hökumətin İslahatı üzrə Ekspertiza Mərkəzi ilə əməkdaşlıq etmək barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə təkliflər verilmişdir.
Hörmətli millət vəkilləri, bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması məqsədi ilə keçirilmiş auditin nəticələrinin seçicilərə elan edilməsi, yerli vergi və ödəniş növləri müəyyən olunmaqla bələdiyyələrin maliyyə əsaslarını gücləndirmək, bələdiyyələr tərəfindən subvensiyalar alınması layihələri ilə bağlı prinsipləri və şərtləri müəyyənləşdirən normaların əlavə edilməsi üçün “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Dövlət büdcəsi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə illik məruzədə tərəfimizdən bir sıra təkliflər verilmişdir. Hesab edirik ki, verilən təkliflərin həyata keçirilməsi bələdiyyələrin maliyyə təminatının yaxşılaşdırılmasına, müstəqilliyinin möhkəmlənməsinə və onların fəaliyyətində səmərəliliyin artırılmasına müsbət təsir göstərə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Vilayət müəllim. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə buyursun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli iclas iştirakçıları! Ədliyyə Nazirliyinin məruzəsindən və nazir müavini Vilayət Zahirovun məlumatından göründüyü kimi, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan 2008-ci ildə xeyli iş görmüşdür. Nazirlik və onun Bələdiyyələrlə iş mərkəzi bu sahədəki fəaliyyətlərini ilbəil təkmilləşdirir, yerli özünüidarə orqanlarının işinin yaxşılaşdırılmasına, qanunvericiliyin tələblərinə riayət olunmasına ciddi diqqət yetirirlər.
Hesabat dövründə nazirlik vətəndaşların yerli özünüidarə orqanlarında iştirakı, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat vermələri, bələdiyyə əmlakının idarə edilməsi, büdcənin tərtib və icra olunması, iclasların təşkili, bələdiyyələrin normativ aktlarının qeydiyyatı, yerli proqramların hazırlanması, bələdiyyə komissiyalarının təşkili, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar çoxsaylı metodik tövsiyələr hazırlamış və bələdiyyələrə çatdırmış, məsləhətlər vermişdir.
Keçən il ərzində bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsinə diqqət yetirilmiş, onlar üçün bir sıra seminarlar, tədris kursları, “dəyirmi masalar”, digər tədbirlər keçirilmişdir. Ədliyyə Akademiyası bu işə cəlb edilmişdir. Ötən illərdə olduğu kimi, hesabat dövründə də bu günə ən səmərəli hazırlıq forması olan müvafiq kursların keçirilməsində əsas yükü öz üzərinə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası götürmüşdür. Burada il ərzində 72 saatlıq 15 ixtisaslaşdırma kurslarında 233 nəfər dinləyici bilik səviyyəsini artırmışdır.
Bələdiyyələrlə iş mərkəzi yerli özünüidarə orqanlarının qanunsuz hərəkətlərinə qarşı barışmaz mövqedə durmuş və fəaliyyətinin böyük hissəsini torpaq qanunvericiliyinin pozulması, bələdiyyələrin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadəsi, demokratik prinsiplərin pozulması, bələdiyyə sədri tərəfindən təkbaşına qərarlar verilməsi kimi halların qarşısının alınmasına yönəltmişdir.
İdarəetmənin təkmilləşdirilməsi, demokratik normaların, prinsiplərin, qanun-qaydanın gözlənilməsi, xalqın rifahının yüksəldilməsi sahəsində ölkədə aparılan uğurlu işlərin məcrasında Bələdiyyələrlə iş mərkəzinin fəaliyyəti, şübhəsiz ki, yerli özünüidarəetmə orqanlarının işinin yaxşılaşdırılmasına da öz təsirini göstərmişdir.
Bu gün biz Sumqayıt və Naftalan şəhər bələdiyyələrinin, Binəqədi rayonunun Biləcəri qəsəbə bələdiyyəsinin, Abşeron rayonunun Qobu qəsəbə bələdiyyəsinin, Xaçmaz rayonunun Nabran bələdiyyəsinin, Ağdaş rayonunun Orta Ləki bələdiyyəsinin, Samux rayonunun Sərkar bələdiyyəsinin və onlarla digər bələdiyyələrin müsbət işini nümunə gətirə bilərik. Adları çəkilən bələdiyyələr ölkədə aparılan uğurlu quruculuq və abadlıq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının həyata keçirilməsində özlərini real icraçı kimi təsdiqləmişlər.
Hörmətli millət vəkilləri! Mən bələdiyyələrin müsbət işindən daha çox, onların fəaliyyətindəki nöqsanlardan danışa bilərəm. Bugünkü iclas Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı apardığı işə həsr olunub. Biz bu çərçivədən çıxıb bələdiyyələrdən razı olub-olmadığımıza, onların yaxşı və yaxud yarıtmaz fəaliyyətinə diqqətimizi cəmləşdirsək, lazımi səmərə əldə edə bilməyəcəyik. Məsələyə bu cür yanaşmanı əsas tutaraq qeyd etməliyəm ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin fəaliyyəti ilbəil təkmilləşsə də, onun işində xeyli qüsurlar mövcuddur.
Komissiyanın əsas iradı ondan ibarətdir ki, nazirlik ona həvalə edilən səlahiyyəti və vəzifəni yalnız yoxlamalar aparmaq və metodiki kömək göstərmək kimi qəbul edir. Bələdiyyələrlə iş mərkəzinin mövqeyini əsaslandırmaq üçün məruzədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun hüquqi əsasları, məqsədi, şərtləri və qaydası barədə normalar göstərilir. Lakin bu normaların olması heç də o demək deyil ki, Ədliyyə Nazirliyi bələdiyyələrin qanuni hüquqlarının pozulduğu halda müəyyən bir tədbir görməməlidir. Hansısa dövlət orqanı və ya məmuru tərəfindən bələdiyyələrin hüququ pozulduqda Ədliyyə Nazirliyinin həmin məsələyə müdaxiləsi idarəçilik sisteminə zidd hərəkət kimi, yaxud nazirliyin səlahiyyət həddini aşması kimi qiymətləndirilə bilərmi? Əlbəttə, yox. Lakin nazirlik belə məsələlərin ona aid olmadığı mövqeyində dayanır.
Fikrimi misalla ifadə edim. İndiyə qədər 67 şəhər bələdiyyəsinin 39-u, 147 qəsəbə bələdiyyəsinin 115-i yerləşmək üçün qanunvericiliklə nəzərdə tutulan inzibati bina və ya otaqla təmin edilməmişdir. Kənd bələdiyyələrində də vəziyyət təxminən eynidir. Bələdiyyələrə məxsus olan torpaqların onlara təhvil verilməsində də həll edilməmiş ciddi problemlər mövcuddur. Məsələn, Bakının Keşlə bələdiyyəsinin yerləşməsi üçün ona bina ayrılması və ya müvafiq bina tikdirməkdən ötrü bələdiyyəyə torpaq sahəsinin ayrılması barədəki çoxsaylı müraciətləri xeyli vaxtdır ki, həll olunmamış qalır. Belə misalları çox gətirmək olar. Lakin məruzədə bu haqda bir kəlmə də yoxdur.
Yeri gəlmişkən, təqdim edilən məruzədən Milli Məclisdə keçənilki müzakirənin nazirlikdə müzakirə olunub-olunmaması haqqında məlumat yoxdur. Hər halda məruzədə bu məsələ ilə əlaqədar bir kəlmə də deyilmədi. 2008-ci ildə 2094 bələdiyyə sədri bələdiyyə aktlarının surətlərini vaxtında nazirliyə təqdim etmədiyi üçün Bələdiyyələrlə iş mərkəzinin təqdimatına əsasən məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb edilmişdir. Nə demək olar? Heyrətamiz fəallıqdır. Əfsuslar olsun ki, mərkəz belə tədbirlərlə yanaşı, bələdiyyələrin qanuni hüquqlarının pozulması ilə əlaqədar bir dəfə də olsun müvafiq hərəkət etməmişdir.
Bələdiyyələrin fəaliyyətinin gücləndirilməsində onların maliyyə imkanları əsas amillərdən biridir. Bu məsələ ilk növbədə bələdiyyələrə verilən səlahiyyət çərçivəsində həll olunmalıdır. Bununla belə, bələdiyyələrə dövlət büdcəsindən ayrılan vəsaitin təkcə dotasiya kimi yox, subvensiya formasında da verilməsi onların fəaliyyətlərinə təkan olardı. Bu işlərə nazirliyin nüfuz etməsinə böyük ehtiyac var.
Məruzədə yerli özünüidarəetmə sahəsindəki bəzi qanunvericilik aktlarının təkmilləşdirilməsi təklif olunur. Əlbəttə, komissiya həmin təklifləri müzakirə edəcək. Ölkə Prezidentinin fəaliyyəti ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramında da bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bələdiyyələrin öz fəaliyyətləri barədə Milli Məclisə nəzərdə tutulan hesabat təqdim etmələrinin, hesabatın müzakirəsi, sonrakı tədbirlərin qaydası da müvafiq qanunla tənzimlənməlidir. İstərdik ki, bu işlərin icrasında Ədliyyə Nazirliyi daha fəal iştirak etsin. Komissiyalar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin nəzərə alınmasını təklif edirlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. 21 nəfər çıxışa yazılıb. Mən təklif edirəm, çıxış müddətini 5 dəqiqə müəyyən edək. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Məruzəni və Bələdiyyələrlə iş mərkəzinin fəaliyyətini, əsasən, pozitiv qiymətləndirirəm. Bu barədə danışmaq istərdim, lakin vaxtın azlığını nəzərə alaraq birbaşa iradlarımı bildirməyə və təkliflərimi söyləməyə çalışacağam.
Məruzədə bələdiyyələrin fəaliyyətində nöqsanlar və çatışmazlıqlar haqqında kifayət qədər dolğun və obyektiv məlumat verilir. Deputatlar da seçicilərdən hər gün bələdiyyələrlə bağlı şikayət məktubları alırlar. Ona görə də hesabatda verilən rəqəm beşə, hətta ona vurula bilər. Yəni 2008-ci ildə Ədliyyə Nazirliyinə 1615 müraciət daxil olubsa, bu rəqəmi ən azı on dəfə böyütmək olar. Şikayətlərin çoxu torpaqla bağlıdır. Bu barədə məruzədə də deyilir. Yəni bir sıra bələdiyyələr süni yolla torpaq mübahisəsi yaradırlar. Torpaqları satanda və ya icarəyə verəndə qanunları pozurlar. Ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə satırlar və sair. Bəzi bələdiyyələrin fəaliyyətini müşahidə edəndə bu qənaətə gəlirsən ki, onların yeganə vəzifəsi torpağın alğı-satqısı ilə məşğul olmaqdır. Mədəniyyətlə bağlı işlər, abadlıq işləri, icra hakimiyyətinə köməklik kimi işlər diqqətdən kənarda qalır.
Axır zamanlar kəndlərdə bir sıra mədəniyyət obyektləri, mədəniyyət evləri, kitabxanalar, səhiyyə ocaqları bələdiyyələrə verilib. Lakin bələdiyyələrin əksəriyyəti bu obyektlərlə heç maraqlanmırlar, həmin obyektlər bərbad vəziyyətdədir. Bəzən həmin obyektləri kommersiya məqsədi ilə icarəyə verirlər. Yerli əhali də haqlı narazıdır, çünki mədəniyyət obyektlərindən məhrum olur. Eyni vəziyyət səhiyyə obyektlərində də müşahidə olunur. Bir misal gətirim. Böyük bir qəsəbədə, 10 min əhalisi olan Boradigah qəsəbəsində sovet vaxtından xəstəxana fəaliyyət göstərirdi. Bələdiyyənin balansına veriləndən bəri orada heç bir təmir, abadlıq işləri aparılmayıb və nəhayət, xəstəxana binasını ayrı-ayrı sakinlərə satmağa hazırlaşırdılar. Yaxşı ki, yerli camaat qalxıb bunun qabağını aldı.
Ümumiyyətlə, problemlər çoxdur və hamısını da bələdiyyənin üzərinə yıxmaq düzgün deyil. Məsələn, Masallıda 30-dan çox bələdiyyə indiyə qədər torpaq mülkiyyətinə görə dövlət aktı almayıb. Bunlar, əsasən, dövlət meşə torpaqları ilə həmsərhəd olan bələdiyyələrdir. Xahiş edirəm, müvafiq qurumlar bu məsələni tezləşdirsinlər, çünki bunlar əhalinin böyük narazılıqlarına səbəb olur. 40-a qədər bələdiyyənin oturmaq və fəaliyyət göstərmək üçün heç iş otağı yoxdur. 106 bələdiyyə sədrindən cəmi 21 nəfəri ali təhsillidir, qalanı orta, ya da natamam orta təhsillidir. Onlar da bu məsuliyyətli işə yaramırlar. Masallı rayonunda bələdiyyə sədrlərindən yalnız iki nəfəri qadındır. Ümumiyyətlə, yüzlərlə bələdiyyə üzvləri arasında cəmi 4 qadın var. Bəzən əhali də yerli özünüidarə institutlarına qarşı hörmətsizlik edir. Bələdiyyə torpaqları zəbt olunur. İcarəyə görə çoxu vergi ödəmir və bələdiyyələr heç qanunla nəzərdə tutulan vergiləri yığa bilmirlər.
İndi isə təkliflərə keçmək istəyirəm. Bələdiyyə var ki, cəmi 80–100 seçicini əhatə edir. Mən təklif edərdim ki, bu il növbəti bələdiyyə seçkiləri keçirilərkən bir sıra kənd və şəhər bələdiyyələri birləşdirilsin, onların sayı azaldılsın və əhalisi 3000 nəfər olan ərazi vahidliyində bələdiyyələr yaradılsın. Məsələn, Masallı balaca şəhərdir, burada beş bələdiyyə var. Belə balaca şəhərlərin hər birində bir-iki bələdiyyə olması daha düzgündür.
Bir təklifim də var. Bələdiyyələrin büdcəsini yaxşılaşdırmaq üçün avtomobillərə texniki baxışlar keçirilməsindən yığılan rüsumlar onlara qaytarılsın. 2002-ci ildə həmin rüsumlar bələdiyyələrin ixtiyarında idi, bu da məntiqə uyğundur, çünki maşınlar bələdiyyə yolları ilə gündə gedirlər, lakin rüsumlar nədənsə Dövlət Yol Polisinə verilir, mənzil-kommunal idarələri, yerli kommunal xərclər də müəyyən şərtlərlə bələdiyyələrin ixtiyarına verilə bilər.
“2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramında qeyd edildiyi kimi, bələdiyyələr üçün yeni maliyyə imkanları axtarmaq lazımdır. Bu imkanlar var. Əlbəttə, onların əlində vəsait olmalıdır ki, əhali bələdiyyələrdən nəsə uma bilsin, bunun müqabilində nəzarət də mütləq gücləndirilməlidir. Hər halda bütün qüsurlara və nöqsanlara baxmayaraq, bələdiyyələr yerli özünüidarə institutu kimi cəmiyyətimizdə yer tutub. Vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafında daha aktiv rol oynayır.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Şübhəsizdir ki, burada illik məruzə ilə bağlı hər birimiz müsbət rəy verməyə hazırlaşırıq. Mən hər halda çoxluq adından danışmaq istərdim. Amma bayaq Arif müəllim elə məsələlər qaldırdı, mən deyəcəyim sözlərdən şübhələndim ki, bu sözləri demək olar, ya da tamam başqa yerdə demək lazımdır? Amma buna baxmayaraq, hər hansı bir problem haqqında danışarkən, artıq həmin problem 50 faiz həll olunmuş sayıla bilər.
Bizə göndərilmiş illik məruzəni diqqətlə oxudum və araşdırdım. Doğrudan da, kifayət qədər statistik məlumat var. Görülmüş işlər barədə məlumatlar verilib. Tənqidlər, perspektivdə görüləcək işlər barədə məlumatlar var. Bunlar çox yaxşıdır. Amma eyni zamanda, bir neçə məsələ var ki, bələdiyyə yaranan gündən dünyanın hər yerində bu məsələlər həyata keçirilir. Mən konkret olaraq Bakı bələdiyyələri barədə danışmaq istəyirəm. Bunlar qətiyyən təmsil elədiyim rayona aid deyil. Ümumiyyətlə, Bakı bələdiyyələri haqqında danışmaq istəyirəm. Qobu bələdiyyəsinin adı burada çəkildi. Qobu bələdiyyəsinin başında duran şəxs, mən üzr istəyirəm ki, onun adını unutmuşam, doğrudan da, el ağsaqqalıdır. Qobuda elə bir aztəminatlı, başsız qalmış, imkansız ailə, insan yoxdur ki, bu ağsaqqal onlarla məşğul olmasın, onların dərdinə-sərinə yanmasın. Burada bələdiyyənin özünün tikdirdiyi uşaq bağçası, digər ictimai obyektlər var. Bunlar çox yaxşı.
Amma gəlin, baxaq görək ki, digər bələdiyyələrdə nələr baş verir? Bunları görürüksə, deməliyik. Əgər deməyəcəyiksə, bu cür də davam edəcək. Əslində, elə bələdiyyələr var ki, bu gün açıq deyəcəyəm, onların arasında gözəl bir şəbəkə qurulub. Bunlar daha çox başçılara aiddir. Bir bələdiyyənin başçısı kifayət qədər yox, külli miqdarda torpaqları digər bələdiyyə başçısının adına keçirir, digəri də onun üçün bunları eləyib. Çox gözəl bir struktur yaradıblar. Elə adamlar var ki, ümumiyyətlə, bələdiyyələrlə bağlı qurumlarda təmsil olunurlar. Onların Azərbaycanın hər yerində külli miqdarda torpaqları var. Hamısını, örüş, biçənək yerlərini hesaba alıblar. Üzr istəyirəm, bu, Bakıya aid deyil, artıq kənd rayonlarından danışıram. Heç kəsin də xəbəri yoxdur, adını da soruşanda heç vaxt öz adlarını vermirlər. Respublikada çox hörmət olunan vəzifə sahiblərinin adını verirlər. Mən əminəm ki, heç həmin vəzifə sahiblərinin bundan xəbərləri yoxdur. Bu faktları bilmək lazımdır. Həmin insanları məsuliyyətə cəlb etmək lazımdır.
Biz ölkədə Avropa Şurasının Parlament Assambleyası ilə bir yerdə “Qadınlara qarşı zorakılığa son qoyaq” kampaniyası keçirdik. Dünyanın hər yerində bu işə bələdiyyələr qoşuldular. Bizim ölkədə nə səviyyədə qoşuldular? Dönə-dönə dedik, yazdıq, nəzərlərinə çatdırdıq, yeganə qurumdur ki, vətəndaşların hər birinə əlləri çata bilər və çatmalıdır. Yeganə qurumdur ki, hər bir evdə nə baş verirsə, bilməlidir. Müəyyən ailədə hər hansı bir xoşagəlməz hal varsa, onu yerindəcə həll etməlidirlər. Amma mən bilmirəm, neçə bələdiyyə bu cür işlərlə məşğuldur? Əslində, lazım olan iş bundan ibarətdir.
Böyük problemlərdən biri vergilərin yığılması məsələsidir. Vergilərin yığılmasında işlək mexanizm hələ işlənilməyib və bu da çox böyük problemlər yaradır. Binalardan və digər sahələrdən vergiləri yığa bilmirlər. 25 bələdiyyəyə qarşı cinayət işi başlanılıb və 808 tövsiyə göndərilib. Mən çox böyük əminliklə demək istəyirəm ki, şübhəsiz, Ədliyyə Nazirliyində çox böyük iş görülür. Mən nazirliyin işini yüksək qiymətləndirirəm. Nazirliyin təqdim etdiyi metodiki vəsaitlər və tövsiyələr Avropada və ümumiyyətlə, dünya praktikasında tətbiq olunan bütün beynəlxalq sənədlərə uyğundur. Amma mən əminəm ki, bir çox bələdiyyə sədrlərinin heç 808 tövsiyənin 8-dən xəbərləri yoxdur. Mən çox istərdim ki, bu gün, əslində, el atası olmağa çağırılmış insanlar, mən bu sözü bütün məsuliyyətimlə demək istəyirəm, bir çox halda...
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi kifayət qədər sanballı hazırlanıb və əvvəlki illərin məruzəsi ilə də müqayisədə, demək olar ki, təkmilləşdirmə istiqamətində xeyli işlər görülüb. Məruzədə bələdiyyələrin fəaliyyəti ilə bağlı müsbət məqamlar, çatışmayan cəhətlər, eyni zamanda, cinayət xarakterli əməllər, bələdiyyələrin xarakteri, beynəlxalq əlaqələri və sair məsələlər kifayət qədər öz əksini tapıb. Amma bələdiyyələrin fəaliyyətində xeyli problem olduğuna görə həmin problemlərin bir hissəsi məruzədən kənarda qalıb. Bununla əlaqədar bəzi məqamlar haqqında danışmaq istərdim.
Birinci, yaxşı olardı ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə verilən zaman, məsələn, 2008-ci ilin göstəriciləri 2006 və 2007-ci illərin göstəriciləri ilə müqayisə olunsun. Burada şikayət xarakterli müraciətlərin nəticələri təqdim olunan bələdiyyə aktlarının dinamikasının necə olduğu göstərilsin. Cinayət xarakterli hüquq pozuntularının dinamikası necədir? Məsələn, 2006-cı ildə şikayət xarakterli müraciətlər 1086, 2007-ci ildə 1355, 2008-ci ildə isə 1615 olub. Təqdim olunan bələdiyyə aktları 2006-cı ildə 16703, 2007-ci ildə 17522, 2008-ci ildə isə 17065 olub. Cinayətlərlə bağlı 2006-cı ildə 17, 2007-ci ildə 25, 2008-ci ildə isə 125 cinayət işi açılıb. Axırıncı məqama qayıtmaq istərdim. Bu cinayətlərin sayı bilavasitə bələdiyyələrin fəaliyyəti ilə, yoxsa nəzarətin zəifləməsi ilə bağlıdır? Belə məsələlərə diqqət yetirilməsini vacib hesab edirəm. Hesab edirəm ki, bu məqamlar məruzədə öz əksini tapmalıdır.
Növbəti məsələ yerli icra orqanları, qeyri-hökumət təşkilatları və bələdiyyələrin əlaqələrinin gücləndirilməsinə aiddir. Eyni zamanda, yerli icra orqanları ilə bələdiyyələrin əlaqələrinin həm qanunvericilikdə, həm də real həyatda təkmilləşdirilməsinə çox ehtiyac var. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı monitorinqlər keçirilib. Həmin monitorinqlər qeyri-hökumət təşkilatları ilə birgə keçirilib və bələdiyyələrin fəaliyyətində bir sıra nöqsanlar ortaya çıxarılıb. Belə bir sual da ortaya çıxır: həmin monitorinqlərin nəticələri bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqanların məruzələrində necə öz əksini tapır?
Növbəti məsələ kimi mən bələdiyyələrin maliyyə imkanlarının məhdud olmasının aradan qaldırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsini vacib hesab edirəm. Burada fəaliyyəti yaxşı qiymətləndirilən bələdiyyələrin fərqləndirilməsinə ehtiyac var. Eyni zamanda, bələdiyyələr üçün büdcədən ayrılan vəsaitin artırılmasına və yaxşı işləyən bələdiyyələrin fəaliyyətinin möhkəmləndirilməsi və sadalanan vergi növləri üzrə bələdiyyələrin verginin yığılmasında fəaliyyətinin artırılmasına böyük ehtiyac var.
Eyni zamanda, bələdiyyələrin işlərinin şəffaflığının artırılması və yerli ictimaiyyətə çatdırılması üçün hesab edirəm ki, mətbuat orqanlarının yaradılması vacibdir. Məsələn, Şəkinin timsalında qeyd edə bilərəm ki, “Şəki bələdiyyəsi” qəzeti fəaliyyət göstərir, bu da bələdiyyələrin işinin işıqlandırılması istiqamətində mühüm rol oynayır. Həmin qəzetin fəaliyyətindən görünür ki, əsasən, iki istiqamətdə problemlər yaranır. Torpaqların verilməsi ilə bağlı problemlər bizə gələn məktublarda da əksini tapır. Digər tərəfdən isə abadlıqla bağlı problemlər var. Torpaqların verilməsində yeni qaydanın tədqiq edilməsi gələn məktublarda öz əksini tapır. Amma qeyd etmək lazımdır ki, abadlıq işləri, küçələrin asfaltlaşdırılması istiqamətində Şəki bələdiyyəsinin gördüyü işlər həmin mətbuat orqanında öz əksini tapır. Eyni zamanda, qeyd etmək lazımdır ki, bələdiyyələrin fəaliyyətini yaxşılaşdırmaq üçün bələdiyyələrin iriləşdirilməsi istiqamətində addımların atılmasına ehtiyac var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Mən tamamilə başqa bir çıxış hazırlamışdım. Amma indi elə burada mənə verilən məktublara baxanda çıxışıma düzəliş etməyi lazım bildim. Burada hörmətli Arif müəllimin çox yaxşı bir çıxışı oldu. Mən, sözün doğrusu, oradakı bir çox problemlərin qoyulması ilə razılaşıram. Amma deyir: “İmam üçün ağlayanda, arada bir Yezid üçün də ağlamaq lazımdır”. Belə bir atalar sözü var. Bələdiyyələr axı kimdir ki, onların qarşısında bu qədər problem qoyulur? Bizim Qaralar bələdiyyəsində ayın 6-da baş verənlər barədə respublikanın müxtəlif elektron informasiya vasitələrində də geniş məlumatlar getdi. Polisin müvafiq strukturunun rəhbərinə bir qədər yaxşı cavab vermədiyi üçün 12 nəfər polis işçisi bələdiyyələrin tapşırığını yerinə yetirənləri, həmin şəxslərin içərisində bələdiyyə üzvlərinin və onların qohumlarının da olması haqqında məlumat var, xurd-xəşil edərək, birini də ölümcül hala salmışlar. Hal-hazırda həmin adam xəstəxanadadır. Mən dünən rayon prokurorluğu ilə əlaqə saxladım, bu məsələnin tədqiqi ilə bağlı fakt üzrə cinayət işi qaldırılıb. Belə görünür ki, həmin məsələni bələdiyyə işçilərinin tapşırığını yerinə yetirən silahlı vətəndaşların üzərinə qoymaq istəyirlər.
Bu rayon polis idarəsi barədə geniş danışmaq olar. Amma mən poçta baxdım, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru, hörmətli R.Abbasovun imzası ilə mənə cavab daxil olub. Deputat sorğusuna gələn cavabı, aydın məsələdir ki, cənab rəis özü hazırlamayıb, kimsə hazırlayıb, onun qarşısına qoyub. Vətəndaş mənə müraciət edərək, Suraxanı polis idarəsi tərəfindən ona şəxsiyyət vəsiqəsinin verilməməsini bildirdi. Mən deputat sorğusu ilə müraciət etdim. Əvvəla, həmin şəxsi çağırıb deyiblər ki, sən niyə Pənah Hüseynə müraciət eləmisən? Sonra da Baş Polis İdarəsinin rəisi, general-mayor Abbasovdan mənə cavab gəlib ki, onun atası Gürcüstan, anası Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə, o, Azərbaycan vətəndaşı hesab olunmur və ona şəxsiyyət vəsiqəsi verilmir. Mən cənab generalın nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinin müvafiq müddəasına görə, valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bu, Azərbaycan Respublikasının, təkrar edirəm, Konstitusiyasının müvafiq müddəasında təsbit olunub. Onlar, yəqin ki, savadlı hüquqşünaslardırlar. Generalın hər halda bu elementar konstitusion müddəa barədə məlumatı olmalı idi.
Niyə mən bu məsələni dedim? Hesabatda bələdiyyələrə xeyli metodik yardımlar göstərildiyindən, hüquqi savadın, maarifçiliyin artırılmasından danışılır. Bir daha təkrar edirəm, cəmiyyətdə belə maarifçilik işinin aparılmasının əhəmiyyətini istisna, inkar etmirəm. Amma daha ciddi məsələlər qoyulmalıdır.
Yeri gəlmişkən, bu hesabatda, fikrimcə, məsələyə dəxli olmayan, Ədliyyə Nazirliyinin müvafiq inzibati nəzarəti həyata keçirən qurumunun da səlahiyyətlərinə aid olmayan xeyli dərəcədə siyasi təhriflərlə doludur. Həmin hesabatda konkret 3–4 səhifəlik məlumatlar vardır. Bunlar kifayətdir və bunlar barədə də danışmaq lazımdır. Dövlət başçısını və yaxud ölkədə gedən ümumi siyasi vəziyyəti tərifləməyi bir kənara qoyub konkret işlə məşğul olsalar, müvafiq inzibati nəzarəti həyata keçirən orqan Azərbaycan cəmiyyətinə daha doğru, düzgün xidmət etmiş olar.
Hörmətli millət vəkilləri, hesab edirəm ki, Azərbaycan Respublikasında yerli demokratiyanın və bələdiyyələrin inkişafı haqqında deyilənlərin heç bir mənası yoxdur. Bələdiyyələr yaradılanda bunlarla bağlı böyük ümidlər var idi. Amma hal-hazırda cəmiyyət, vətəndaşlar, yerli yaşayış məntəqələrinin sakinləri bələdiyyələrin Azərbaycan situasiyasında, şəraitində əhəmiyyətsiz bir işlə məşğul olduqlarına əmindirlər.
Bizim hamımız bu və ya digər bələdiyyənin ərazisində yaşayırıq. Bakıda onların heç bir fəaliyyətinin görünmədiyi barədə, mənə elə gəlir ki, danışmaq belə artıqdır. Amma bir daha təkrar edirəm, bu onların günahı deyil, həm də bizim günahımızdır. Burada siyasi məsələlər vardır. Çox təcili bir şəkildə böyük şəhər bələdiyyələri haqqında müvafiq konsepsiyanı həyata keçirmək lazımdır. Kiçik bələdiyyələrdən özünüidarəni özündə əks etdirən rayon bələdiyyələrinin yaradılması məsələsini həyata keçirmək lazımdır. Əks təqdirdə yerlərdəki bələdiyyələr və bələdiyyə sədrləri yerli icra hakimiyyəti orqanlarının “qoçuları”, “əlaltıları” adı qazanmaqdan başqa bir funksiya yerinə yetirə bilməyəcəklər. Bu il bələdiyyələrə seçki ilidir. Hesab edirəm ki, bu məsələlər təcili qanunvericilik yolu ilə həll olunmalıdır ki, yerli demokratiya və özünüidarəetmə məsələləri Azərbaycanda öz əhəmiyyətini göstərməyə başlasın. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Pənah bəy. Çox yaxşı çıxış etdiniz. Amma bilirsiniz ki, Konstitusiyaya dəyişikliklərlə əlaqədar referenduma çıxarılan məsələlərdən biri də bələdiyyələrin Milli Məclis qarşısında hesabat verməsi məsələsidir. Çox təəssüf ki, Siz bu referenduma qarşı çıxırsınız. Referendum Aktı qəbul olunsa, bələdiyyələr Sizin qarşınızda hesabat verəcəklər. Azay Quliyev buyursun.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bu gün müzakirəmizə təqdim olunan hesabat kifayət qədər hərtərəfli hazırlanıbdır. Xüsusilə qeyd etməliyəm ki, indiyə qədər dinlənilmə zamanı qaldırılan tənqidi fikirlər budəfəki hesabatda nəzərə alınıbdır. Bu baxımdan mən hesabatı, əsasən, üç baxımdan, üç nöqteyi-nəzərdən dəyərləndirmək istəyirəm.
Birinci, əsas məsələ qanunvericilik bazasının möhkəmləndirilməsi ilə bağlı hesabatda səslənən fikirlərdir. Hesab edirəm ki, bu gün bələdiyyələrin fəaliyyətini tənzimləyən kifayət qədər qanunlar mövcuddur. Lakin bu qanunların, həqiqətən də, təkmilləşdirilməsi zamanın tələbidir. Bu baxımdan “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramından irəli gələn bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, hesab edirəm, ən vacib addımlardan biridir. Xüsusilə hesabatda qeyd olunduğu kimi, bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında səlahiyyətlərin qanunvericilik səviyyəsində bir daha dəqiqləşdirilməsi və müəyyən mexanizmin hazırlanması həm bələdiyyələrin, həm də müvafiq dövlət qurumlarının görəcəyi vacib işlərdir.
Burada on iki böyük şəhər bələdiyyəsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıbdır. Nəhayət, hesabatda böyük şəhər bələdiyyəsinin yaradılması ilə bağlı hüquqi sənədlərin hazırlanması qeyd olunur. Mən hesab edirəm ki, bu çox mütərəqqi bir məsələdir. Burada, yeri gəlmişkən, cənab Sədr, Siz də referendumla bağlı məsələyə toxundunuz. Bilirsiniz ki, bələdiyyələrə birbaşa Milli Məclisdə hesabat vermək şamil edilməlidir. Mən hesab edirəm, bu çox demokratik bir müddəadır və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması üçün atılmış çox ciddi bir addımdır. Təəssüf ki, bu addımı Avropa Şurasının müvafiq qurumu lazımi səviyyədə dəyərləndirmədi. Bilirsiniz, bununla bağlı çoxlu tənqidlər var. Mən hesab edirəm ki, bu tənqidlərin heç bir əsası yoxdur. Konqresin rəhbərinin belə bir tənqidi bəyanat səsləndirməsi, hesab edirəm ki, bugünkü reallıqla üst-üstə düşmür.
İkinci qeyd etmək istədiyim məsələ budur, həmişə biz də tənqid edirik ki, qanun pozuntularının qarşısının alınmasında Ədliyyə Nazirliyinin gördüyü işlər kifayət deyildir. Amma təqdirəlayiq haldır ki, budəfəki hesabatda, həqiqətən də, qanun pozuntularının qarşısının alınması ilə bağlı görülən işlərin çox ciddi siyahısı verilir. Ötən il ərzində 436 aktın ləğv edilməsi, qanunsuz satılmış və yaxud da icarəyə verilmiş 6000 hektardan çox torpaq sahəsinin geri qaytarılması təqdirəlayiq haldır. 294 bələdiyyə sədri haqqında inzibati, 15 bələdiyyə haqqında cinayət işinin qaldırılması, hesab edirəm ki, gələcəkdə bu cür əməllərdən çəkindirmək üçün Ədliyyə Nazirliyinin qabaqlayıcı tədbirləri hesab oluna bilər. Bu da xüsusi qeyd olunmalıdır.
Üçüncü demək istədiyim məsələ hesabatda əksini tapmış bələdiyyə üzvlərinin və qulluqçularının bilik və bacarıqlarının artırılmasıdır. Əlbəttə, bir tərəfdən qanunlar qəbul olunur, digər tərəfdən nəzarət edilir, təbii, üçüncü tərəfdən də bələdiyyə üzvlərinin və qulluqçularının bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət verilməlidir. 808 tövsiyənin verilməsi, 114 maarifləndirici tədbirin və digər bu kimi seminarların keçirilməsi, hesab edirəm ki, mütləq şəkildə öz müsbət təsirini göstərib və bundan sonra da göstərəcəkdir. Əlbəttə, biz çox istərdik ki, bununla bağlı gələcəkdə daha geniş tədbirlər həyata keçirilsin.
Mən fürsətdən istifadə edib bir neçə təklifimi də bildirmək istəyirəm. Birinci təklif burada səsləndi, mən də buna qoşuluram, kiçik bələdiyyələrin ləğvi bu gün, hesab edirəm ki, çox aktual məsələdir. 500 nəfər əhalisi olan bir ərazidə bələdiyyə yaradılması, onun müstəqil qərar qəbul etməsi bəzən işə maneçilik törədir. Bu məsələ hesabatda da öz əksini tapmışdır. Belə bələdiyyələr ləğv olunmalıdır. Yeri gəlmişkən, bu il keçiriləcək seçkilərdə həmin məsələyə baxıla bilər.
İkinci, narahatlıq doğuran məsələdən biri də hazırda ya icarəyə və ya şəxsi istifadəyə verilmiş bir çox torpaq sahələrindən istifadə olunmamasıdır. Mənə belə gəlir ki, bununla bağlı müəyyən monitorinqin aparılması və bu vəziyyətin aradan qaldırılmasına çox ciddi ehtiyac var.
Sonuncu təklif etmək istədiyim məsələ bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması ilə bağlıdır. Bununla bağlı bir çox tədbirlər görülür. Hesab edirəm, bu gün ən sadə tədbirlərdən biri də bu olar ki, hər bir bələdiyyənin İnternet səhifəsi yaradılsın və onun fəaliyyəti, qəbul etdiyi qərarlar burada öz əksini tapsın. Belə bir addım atılarsa, hesab edirəm ki, bu gün bələdiyyələr haqqında deyilən bir çox neqativ söz-söhbətlərin də qarşısı alınar. Mən bütövlükdə bu hesabatı müsbət hesab edirəm və buna səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Yəqin, Siz də çox hörmətli Arif müəllim Rəhimzadə də xatırlayır ki, mən bir yaşayış məntəqəsi ilə bağlı burada dəfələrlə məsələ qaldırmışam. Lakin o məsələ heç bir halda, heç bir şəkildə öz həllini tapmayıb. Söhbət Sabunçu rayonu ərazisində yerləşən və 5000-dən yuxarı əhalinin yaşadığı Ramana südçülük sovxozundan gedir.
Dəfələrlə demişəm, bu gün də təkrar edirəm, “Ramana südçülük sovxozu” yox, sovet də artıq dağılıb gedib və sair. Orada bir kökəltmə kompleksi yaradılmışdı, müəyyən adamların müdaxiləsi və fəaliyyəti nəticəsində həmin kompleks də artıq yoxdur. Burada yaşayan 5000-dən yuxarı insanın bələdiyyəsinin yaradılması üçün nə etmək lazımdır? Mən bu sualı dəfələrlə qaldırmışam. Bəlkə bu suala cənab Zahirov cavab versin. Onlar nə etməlidirlər ki, nəhayət, orada inzibati ərazi vahidi formalaşsın və bələdiyyə olsun, onlar da bələdiyyə seçkilərində iştirak etsinlər, istədikləri adamları bələdiyyəyə seçsinlər və onların problemlərini həll etmək mümkün olsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Bələdiyyələrin fəaliyyətinə dair illik məruzədə konkret olaraq, görülmüş işlər və vəzifələr barədə ətraflı məlumatlar vardır. Məndən əvvəl çıxış edən hörmətli deputatlar da müxtəlif məsələlərə toxundular. Mən hesab edirəm ki, bu məruzə kifayət qədər sanballıdır və çox səriştəli hazırlanıbdır və qanun çərçivəsində bələdiyyələrin fəaliyyətinə nəzarətlə bağlı nə lazımdırsa, onlar da edilibdir. Yəni eyni zamanda, bələdiyyələrin maarifləndirilməsi istiqamətində, bu məruzədən göründüyü kimi, xeyli işlər görülübdür.
Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Azərbaycanda bələdiyyələrin yaradılmasının 10 ili tamam olur. Ümumiyyətlə, 10 il ərzində bələdiyyələrin formalaşdırılması, təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülübdür. Milli Məclis də zaman-zaman bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi, qanunvericilik bazasının möhkəmləndirilməsi ilə bağlı xeyli tədbirləri həyata keçiribdir. Amma hesab edirəm ki, ümumilikdə, 10 il dövlət idarəçiliyində və bələdiyyələrin fəaliyyətində o qədər də böyük müddət deyildir. Elə ölkələr vardır ki, orada bələdiyyələrin formalaşması və tam şəkildə fəaliyyət göstərməsi üçün illərlə vaxt lazım olubdur. Avropa ölkələrinin bələdiyyələrinin çox qədim tarixi vardır. Biz bəzən bələdiyyələrin fəaliyyətinə tənqidi nöqteyi-nəzərdən yanaşmağa çalışırıq. Necə deyərlər, bələdiyyələrin fəaliyyətindən maksimum tələb etməyə çalışırıq. Amma yadda saxlamalıyıq ki, bələdiyyələrin maliyyə mənbələri o qədər də böyük deyildir.
Yerlərdə bələdiyyələr müxtəlif formalarda vergilər toplamaq imkanından məhrumdurlar. Doğrudur, biz müxtəlif qanunlar qəbul etmişik. Amma yerlərdə bələdiyyə büdcəsinə vəsait vermək imkanı olan kifayət qədər fiziki və hüquqi şəxslər yoxdur. Bunu nəzərə almaq lazımdır. Ona görə də bələdiyyələrin fəaliyyətinə yanaşanda bu məqamı nəzərdə saxlamalıyıq. Bizim bələdiyyələr heç də xarici ölkələrdə, məsələn, Türkiyə Cümhuriyyətində olan bələdiyyələr səviyyəsində deyildirlər. Həmin ölkələrdə bələdiyyələrin həm böyük təcrübəsi var, həm də bu bələdiyyələrin büdcəsinə vəsait gətirmək imkanı bizim bələdiyyələrin imkanlarından üstündür. Hətta elə ölkələr var ki, orada bələdiyyələrə dövlətdən heç bir subsidiya verilmir. Bizim ölkə isə bələdiyyələrin dirçəlməsi üçün müəyyən vəsaitlər ayırır.
Bələdiyyələr torpaqların verilməsi kimi məsələlərlə bağlı çoxlu tənqid olunur. Təbii ki, burada obyektiv hallar vardır. Amma yenə də bəzən subyektivliyə yol verilir. Hesab edirəm ki, həm Milli Məclisin 2008-ci il oktyabrın 28-də qəbul etdiyi “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, eyni zamanda, Prezidentin 2008-ci il 10 dekabr tarixli Fərmanı bu məsələləri də birdəfəlik həll etmiş olacaqdır. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, daha da inkişaf etdirmək, yerli özünüidarəni möhkəmləndirmək dövlətçiliyimiz üçün çox vacib bir məsələdir.
Burada müxtəlif təkliflər səsləndi. Mən də hesab edirəm ki, bələdiyyələrin təmərküzləşməsinə xüsusi diqqət yetirmək lazımdır. Əgər 300–500 nəfər əhalisi olan bir kənd, qəsəbə və sair rayon mərkəzindən uzaqdırsa, burada bələdiyyə yaratmaq olar. Amma elə kənd var ki, orada 8 bələdiyyə yaradılıb. Mən adlarını xüsusi çəkmək istəmirəm. Azərbaycanın istənilən böyük kəndinə gedib baxsanız, görərsiniz ki, orada bir neçə bələdiyyə var. Bir icra nümayəndəsi, 8 bələdiyyəsi var. Bu, normal haldır? Heç yerdə belə bələdiyyə ola bilməz. Bələdiyyə müəyyən işlər görməlidir. Kəndin bir yerindən başqa yerinə kanal çəkməlidir və yaxud başqa bir iş görməlidir. Gülməli bir vəziyyət yarana bilər. Ümumiyyətlə, Bakının özündə də bələdiyyələrin təmərküzləşməsi işinə diqqətlə yanaşmalıyıq. Ümumilikdə, bu məruzəyə müsbət yanaşmaqla, mən hesab edirəm ki, gələcəkdə bələdiyyələrin işini daha da fəallaşdırmaq istiqamətində həm qanunvericilik baxımından, həm də digər istiqamətlərdə işləri gücləndirmək lazımdır. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Hörmətli deputatlar, mən hesab edirəm ki, biz hesabatı kifayət qədər müzakirə etdik. Bir çox sağlam fikirlər, təkliflər səsləndi. Burada çıxışa yazılan deputatlar da fikirlərini yazılı şəkildə Vilayət müəllimə təqdim edə bilərlər. Etiraz yoxdursa, hesabatı səsə qoya bilərik. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)

Lehinə 101
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Hesabatın nəzərə alınması haqqında qərar qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Növbəti məsələ Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsi barədədir. Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün respublikada azad iqtisadi zonanın bir növü olan xüsusi iqti-sadi zonanın yaradılması üçün əlverişli şərait yaradılmışdır. Təkcə onu göstərmək kifayətdir ki, çox nüfuzlu beynəlxalq təşkilatların rəyinə görə Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir.
Dövlətimizin başçısı İlham Əliyev respublikamızda iqtisadi islahatların davam etdirilməsini, onların milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət göstərməsini qarşıdakı dövrdə dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı 2007-ci il 6 mart tarixində “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Fərman imzalamışdır. Fərmanda ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə edilməsi, rəqabət qabiliyyətli mal və xidmətlərin təqdim olunması kimi məsələlərin həllinin reallığa çevrilməsi məqsədi ilə xüsusi iqtisadi zonaların yaradılmasının vacibliyi vurğulanır.
Qanun layihəsinin birinci oxunuşu zamanı millət vəkillərinin söylədikləri irad və təkliflər işçi qrupu tərəfindən nəzərə alınmışdır. Eyni zamanda, ikinci oxunuş üçün qanun layihəsi hazırlanarkən yenidən beynəlxalq təcrübəyə müraciət olunmuş və bir sıra ölkələrin qanunvericiliyi nəzərdən keçirilmişdir. İkinci oxunuş üçün qanun layihəsində bir sıra prinsipial xarakterli dəyişikliklər edilmişdir.
İkinci oxunuşla əlaqədar olaraq Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun layihəsinə 61 əlavə və dəyişiklik edilmişdir. 5 maddəyə yeni bəndlər əlavə olunmuş, layihə dil və üslub baxımından bir daha redaktə edilərək təkmilləşdirilmişdir. Qanun layihəsinə edilən əlavə və düzəlişlər sizə paylanmış variantda altından xətt çəkilməklə verilməli idi. Təəssüf ki, son variantda sizə başqa nüsxələr təqdim edilmişdir.
Birinci oxunuşun müzakirəsində edilən irad və təkliflərə keçməmişdən əvvəl istər komissiyanın, istərsə də Milli Məclisin iclaslarında təqdim olunmuş qanun layihəsini dəstəklədiklərinə görə millət vəkillərinə öz dərin təşəkkürümüzü bildirirəm. Həqiqətən də, bu qanun layihəsi Azərbaycan üçün vacib olan hüquqi aktlardan biridir.
Milli Məclisin üzvü hörmətli həmkarım Nazim Məmmədov qeyd etmişdi ki, xüsusi iqtisadi zonaların investorlar üçün cəlbedici olmasından ötrü orada güclü infrastruktur sistemi yaradılmalıdır. Hesab edirəm ki, bu məsələ də xüsusi iqtisadi zonanın ərazisinin seçilməsi zamanı öz müsbət həllini tapacaqdır. O, həmçinin qanun layihəsinin 17.2-ci maddəsində göstərilən 2 faiz verginin 0,5 faizlə əvəzlənməsi təklifini də irəli sürmüşdü. Məlumat vermək istəyirəm ki, bu məsələ müvafiq icra hakimiyyəti strukturları ilə müzakirə olunur.
Hörmətli Əli Məsimli öz çıxışında qanun layihəsi üzərində professional səviyyədə iş görüldüyünü və əsas irad və təkliflərin nəzərə alındığını qeyd etmiş və eyni zamanda, bildirmişdi ki, verginin 2 faizlə tutulması məqsədəuyğun deyildir. Ona görə ki, Azərbaycanın regionlarında sadələşdirilmiş vergi 2 faizdir. Belə çıxır ki, Bakı şəhəri istisna olmaqla Azərbaycanın regionları xüsusi iqtisadi zonalardır. O, qanun layihəsində gəlir vergisinin və Sosial Müdafiə Fonduna ayırmaların da öz əksini tapmalı olduğunun vacibliyini vurğulamış və onların da dərəcəsinin güzəştli olmasını vacib saymışdı. Hörmətli Əli müəllim, eyni zamanda, xüsusi iqtisadi zonalarda informasiya texnologiyalarının inkişafı ilə bağlı sahələrin yaradılmasının məqsədəuyğun olduğunu bildirmişdi. Hörmətli deputat həmkarımın söylədiyi bu fikirlər çox dəyərlidir. Təbii ki, bu məsələlər diqqət mərkəzindədir və onunla bağlı müvafiq icra strukturları ilə müzakirələr aparılır.
Hörmətli Dünyamin Xəlilov qanun layihəsinin əhəmiyyətini qeyd etdi və təklif verdi ki, 6.2-ci maddədə “zonanın fəaliyyətindən” sözləri “zonada həyata keçirilən sahibkarlıq fəaliyyətindən həmin iqtisadi zonaya qoyulan sərmayələrdən, investisiyalardan” sözləri ilə əvəz edilsin. Bu təklif müəyyən redaktə ilə nəzərə alınmışdır.
Hörmətli Musa Quliyev öz çıxışında xüsusi iqtisadi zonalar çərçivəsində kurort-turizm yönlü komplekslərin yaradılmasının məqsədəuyğun olduğunu söyləmişdi. Hesab edirəm ki, bu çox maraq doğuran bir məsələdir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu günlərdə Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyev “Azərbaycan Respublikasında kurortların 2009–2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir. Göründüyü kimi, həmkarımın təklifi artıq öz müsbət həllini tapmaqdadır.
Hörmətli deputat İsa Həbibbəyli xüsusi iqtisadi zonaların ərazilərinin seçilməsi barədə təkliflə çıxış etmişdi. Həqiqətən də, Naxçıvan Muxtar Respublikası Azərbaycanın bir çox regionları kimi əlverişli investisiya mühitinə malikdir. Son illər burada həyata keçirilən quruculuq işləri, infrastruktur layihələri Muxtar Respublikanın daha sürətli və keyfiyyətli inkişafı imkanlarını genişləndirir. Xüsusi iqtisadi zonaların ərazilərinin seçilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə daxildir. Hesab edirəm ki, hökumət bu sahədə mövqeyini müəyyənləşdirərkən sistemli yanaşma üstünlük təşkil edəcəkdir.
Hörmətli Rafael Cəbrayılov təklif etmişdi ki, 7-ci maddəyə aşağıdakı redaktədə yeni bir bənd əlavə olunsun: “Xüsusi iqtisadi zonanın müəyyən edilmiş müddətdən əvvəl ləğv edilməsi bu iqtisadi zonanın fəaliyyət göstərdiyi müddətdə baş vermiş qanun pozuntularının araşdırılmasını istisna etmir”. İşçi qrupu bu maraqlı təklifi bəyənmiş və nəzərə almışdır. Onun digər təklifi 11.1-ci maddədə operatorla səlahiyyətli orqan arasında idarəetmə sazişinin bağlanmasına aid idi. Millət vəkili bildirmişdi ki, burada bağlanılan sazişin müddəti, ona xitam verilməsinin mülki əsasları, operatorun dəyişdirilməsi məsələləri öz əksini tapmalıdır. Bizim fikrimizcə, son variantda bu iradı qəbul etmək olar.
Müzakirə zamanı hörmətli Qənirə xanım Paşayeva belə bir fikir səsləndirmişdi ki, Ermənistanla sərhəd rayonlarında və cəbhə boyu ərazilərdə istehsalın və bütövlükdə həmin yerlərin sürətli inkişafını təmin etmək üçün daha səmərəli iqtisadi mexanizmlərdən istifadə olunmalıdır. Bu, həqiqətən, düzgün fikirdir. Göstərilən istiqamətdə müvafiq idarəetmə strukturları xeyli iş görə bilərlər. Hesab edirəm ki, belə məsələlər xüsusi iqtisadi zonalar haqqında qanunla deyil, digər qanunvericilik aktları ilə tənzimlənməlidir.
Hörmətli Nizami Xudiyev çıxışında qeyd etmişdi ki, qanun layihəsinin redaktəyə ehtiyacı vardır. Mən bayaq dedim, layihədə 60-a yaxın redaktə xarakterli dəyişikliklər edilmişdir. Nizami müəllimə redaktə xarakterli konkret təkliflərinə görə təşəkkür edirik.
Hörmətli Siyavuş Novruzov təklif etmişdi ki, qanun layihəsində mülkiyyət formaları öz əksini tapmalıdır. Bu zaman xüsusi iqtisadi zonaların təkcə dövlət deyil, həm də digər mülkiyyət formalarında yaradılması təcrübəsi də tətbiq oluna bilər. Siyavuş müəllim onu da bildirmişdi ki, qanun layihəsində yerli və xarici investorlara müxtəlif güzəştlər tətbiq olunmalıdır. O, irad kimi qeyd etmişdi ki, qanun layihəsində ekoloji məsələlər nəzərdə tutulmayıbdır. Hazırda bu məsələ də qanunvericilik təşəbbüsü ilə çıxış edən müvafiq icra strukturu ilə müzakirə olunmaqdadır.
Hörmətli həmkarım Rüfət Quliyev təklif vermişdi ki, xüsusi iqtisadi zonalara ən azı 10 milyon avro və daha çox vəsait qoyacaq şirkətlərin orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilməlidir. Bu barədə biz işçi qrupu ilə birlikdə araşdırma apardıq. Məlum oldu ki, həqiqətən də, dünya təcrübəsində belə hallara rast gəlmək mümkündür. Belə ki, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən 500 milyon rubldan yuxarı və ya prioritet sahələrə qoyulmuş investisiyalara gömrük və vergi güzəştləri tətbiq olunur.
Mən Şəmsəddin müəllimə təşəkkür edirəm ki, onun da bir çox irad və təklifləri var idi. Son variantda həmin təkliflər qanun layihəsinin müzakirəsi zamanı nəzərə alınacaqdır.
Qanun layihəsinin müzakirəsi zamanı sənədin vacibliyi vurğulanmaqla yanaşı, layihədə xüsusi iqtisadi zonalarda həyata keçiriləcək sahibkarlıq fəaliyyətinə bir sıra məhdudiyyətlərin qoyulduğu da bildirildi. Qeyd etmək istəyirəm ki, qanun layihəsində o qədər də çox olmayan məhdudiyyətlər nəzərdə tutulmuşdur. Onların mövcudluğu dövlətimizin iqtisadi təhlükəsizliyinin təmin olunması marağından irəli gəlir.
Bundan əlavə, qanun layihəsində bir sıra mütəxəssislərin qeyri-hökumət təşkilatları ilə bağlı irad və təklifləri də nəzərə alınmışdır. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədovun təklifinə əsasən 1.0.7-ci maddədə “bu sahədə beynəlxalq səviyyədə tanınmış və böyük təcrübəyə malik şirkət və ya şirkətlər qrupu” ifadəsi “təşkilat” sözü ilə əvəz edilmişdir.
Auditorlar Palatası ilə aparılmış müzakirələr nəticəsində 11.3.6-cı maddədə “nüfuzlu auditor təşkilatları” ifadəsi əvəzinə “müstəqil auditorlar” ifadəsi işlədilmişdir. Digər bir təklifə əsasən qanun layihəsinin 16.1-ci maddəsində “zonada” sözü “zonanın rezidentlərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz edilmişdir. 16.6-cı maddəyə “habelə xüsusi iqtisadi zonanın ərazisinə gətirilən və oradan aparılan mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi” ifadəsi əlavə edilmişdir.
Qanun layihəsinin 17.3-cü maddəsində xüsusi iqtisadi zonalarda əlavə dəyər vergisinin sıfır dərəcə ilə ödənilməsi göstərilirdi. Müzakirələr zamanı bu vergi növünün ödənilməsindən azadolma məqsədəuyğun hesab edilmişdir. Əlavə dəyər vergisindən azadolma ilə əlavə dəyər vergisinə sıfır dərəcə ilə cəlb etmənin fərqi nədən ibarətdir? Əlavə dəyər vergisindən azadolma əməliyyatları aparan şəxslər tərəfindən digər şəxslərə ödənilmiş əlavə dəyər vergisi məbləğləri əvəzləşdirilməyərək, bəyannamə təqdim etmədən alınmış malların, işlərin, xidmətlərin dəyərlərinə aid edilir. Sıfır dərəcə ilə əməliyyatlar aparan şəxslər tərəfindən digər şəxslərə ödənilmiş əlavə dəyər vergisi məbləğləri bəyannamə təqdim etməklə əvəzləşdirilərək büdcədən geri qaytarılır. Digər tərəfdən əlavə dəyər vergisindən azadolma halında fiziki və ya hüquqi şəxsin əlavə dəyər vergisi üçün vergi qeydiyyatına durması tələb olunmur. Bu zaman sıfır dərəcə ilə ödəmə halında o, qeydiyyata durmalıdır. Mənim bu dediklərim əsas verir ki, Vergilər Nazirliyinin, iqtisadçı alim və mütəxəssislərin son təklifləri nəzərə alınsın.
Başqa bir təklifə görə, qanun layihəsinin 4-cü maddəsinin 1-ci bəndində “fəaliyyəti” sözündən sonra “səhmləri və payları 100 faiz dövlətə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının sahibkarlıq fəaliyyəti istisna olmaqla” sözlərinin əlavə edilməsi, 17.3-cü maddəsində isə “nəzərdə tutulmuş vergilər” sözlərindən sonra “habelə fiziki şəxslərin gəlir vergisi” sözlərinin əlavə edilməsi və bu maddənin 2-ci cümləsinin çıxarılması tövsiyə olunur.
Qanun layihəsinin ilkin variantına müraciət etdikdə görürük ki, xüsusi iqtisadi zonanı inkişaf etdirmək operatorun hüququ kimi qeyd olunubdur. İşçi qrupu həmin statusun xüsusi iqtisadi zonanın vəzifəsi olduğunu nəzərə alaraq onu yeni əlavə olunmuş 11.3.1-ci maddədə göstərməyi daha məqsədəuyğun hesab etmişdir.
Digər təklif və iradlara əsasən qanun layihəsinin bir sıra maddələrinin yeri dəyişilibdir. Son redaktədə, yəqin ki, bunların hamısı nəzərə alınacaqdır. Belə ki, 9-cu maddəyə yeni 2-ci bənd əlavə edilmişdir: “Müsabiqənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Səlahiyyətli orqanla bağlanılan idarəetmə sazişində Qanunun müddəaları nəzərə alınmaqla xüsusi iqtisadi zonanın idarə və inkişaf etdirilməsi üzrə tərəflərin hüquqları və vəzifələri, idarəetmənin şərtləri, o cümlədən xüsusi iqtisadi zonanın iqtisadi inkişaf proqramı, maliyyələşməsi, sazişin müddəti, xüsusi iqtisadi zonanın infrastruktur obyektlərinin istismarının, onlara münasibətdə əmlak hüquqlarının həyata keçirilməsi qaydası və digər şərtlər müəyyən edilir”.
12.4-cü maddə tamamilə dəyişdirilmişdir: “Xüsusi iqtisadi zonanın administrasiyasının ərizəçinin qeydiyyatdan keçirilməsi barədə qərarı ərizəçi tərəfindən məhkəmədə mübahisələndirilə bilər”.
Çıxışımda xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinə ikinci oxunuş üçün irəli sürülən təklif və iradlar əsasında edilən əlavə və dəyişikliklər barədə sizə qısaca məlumat verdim. Layihənin ikinci oxunuşu ilə əlaqədar olaraq verəcəkləri təkliflər, söyləyəcəkləri iradlar üçün əvvəlcədən hörmətli həmkarlarıma İqtisadi siyasət daimi komissiyası adından dərin minnətdarlığımı bildirirəm. Komissiya hesab edir ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə müvafiq qaydada müzakirələrə hazırdır.
Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu dəyişikliklərin bir hissəsi qanunvericilik təşəbbüsü ilə çıxış edən icra orqanı ilə müzakirə edilib və razılaşdırılıbdır. Vurğulamaq istəyirəm ki, Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanunu layihəsinin qəbulu hal-hazırkı dünya maliyyə böhranı şəraitində respublika iqtisadiyyatının dayanıqlılığının qorunub saxlanması nöqteyi-nəzərindən mühüm əhəmiyyətə malikdir. Qanun layihəsinin qəbulu həmçinin idxalı əvəz edən rəqabət qabiliyyətli məhsul istehsalının və ölkənin ixrac potensialının artmasına imkan verəcəkdir.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri!
Mən sizə məlumat vermək istəyirəm ki, Prezidentimiz cənab İlham Əliyevin sərəncamı dərc olunandan və qanun layihəsinin birinci oxunuşundan sonra Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvləri tərəfindən respublika mətbuatında 30-a yaxın irihəcmli məqalə çap etdirilmişdir. Xüsusi olaraq onu da qeyd edim ki, komissiyamız digər qeyri-hökumət təşkilatları ilə “Xüsusi iqtisadi zonalar: formalaşma və inkişaf aspektləri” adlı bir kitab çap etdirmiş, kütləvi informasiya vasitələrində, televiziyalarda bununla bağlı müsahibələr vermişdir. Bütövlükdə qanunun qəbulu üçün artıq cəmiyyət hazırdır və bu, yeni iqtisadi təfəkkürün formalaşması istiqamətində atılan bir addımdır.
Bu gün dünyada tüğyan edən böhran şəraitində Azərbaycan ərazisində xüsusi iqtisadi zonanın yaradılması, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən güclü bir amilə çevriləcəkdir. Mən millət vəkillərindən xahiş edirəm ki, dəyərli təkliflərini versinlər. Mən bütün təklifləri, ola bilsin ki, qeyd etmədim, amma hər bir deputatın çıxışı nəzərə alınacaq və biz onlarla bu məsələləri bir daha təkbətək də müzakirə edəcəyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hörmətli millət vəkilləri, qanun layihəsinin ikinci oxunuşudur. Biz bunu əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul olunmasına münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)

Lehinə 103
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 105
Nəticə: qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. Müzakirələrə keçirik. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən bu qanunu vacib, aktual, hətta deyərdim ki, bir qədər də gecikmiş hesab edirəm. Yadımdadır, ümummilli liderimiz Heydər Əliyevi bir jurnalist kimi xarici səfərlərdə müşayiət edərkən Azərbaycanda azad iqtisadi sonaların yaradılmasının zəruriliyi, səmərəliliyi haqqında onun fikirlərini, mülahizələrini dəfələrlə eşitmişəm. O, xarici investorlar ilə bu mövzu ətrafında çox danışıb. Heydər Əliyev bir sıra beynəlxalq təşkilatların Sumqayıtda belə zona yaradılması haqqında ideyasını vaxtilə dəstəkləyirdi. Bilmirəm, sonra nəyə görə isə bu ideya gerçəkləşmədi. Yəqin ki, o vaxt üçün bu prosesin başlanması hələ tez idi. Hər halda respublikamızda azad iqtisadi zonaların yaradılması məsələsi Heydər Əliyevi daim düşündürür və maraqlandırırdı. Məsələn, biz İran İslam Respublikasında rəsmi səfərdə olarkən Prezidentimizi Kiş adasına dəvət etdilər. Orada azad iqtisadi zona yaradılmışdı. Ümummilli liderimiz çox böyük maraqla adaya getdi. Orada tətbiq olunan xüsusi hüquqi və iqtisadi rejimlə tanış oldu. Onda o bizə deyirdi ki, belə zonaları mütləq Azərbaycanda da yaratmaq lazımdır. Təəssüf ki, sağlığında bu ideyanın gerçəkləşdirilməsini görmədi.
İndi qayıdaq qanunun mahiyyətinə. Mən qanunu diqqətlə oxumuşam. İqtisadçı olmasam da, mənə elə gəlir ki, cənab Səmədzadənin dediyinə, aparılan düzəlişlərə baxmayaraq, qanun layihəsi bir qədər səthi yazılıb. Mən burada daha dərin və hərtərəfli iqtisadi anlayışları, onların daha dolğunluqla açılmasını, dəqiqləşdirilməsini görmək istərdim. Yəni xüsusi iqtisadi zona nə deməkdir, nəyə qulluq edir, onun şərtləri necədir və sair.
Mənə elə gəlir ki, xüsusi iqtisadi zonanın idarə olunmasını fikirləşərkən qanun müəllifləri bürokratik məsələlərə daha çox önəm verir və bu idarəni həddən artıq mürəkkəbləşdirirlər. Baxın, neçə instansiya bu zonanı təşkil edir və onun üzərində kuratorluğu aparır. Əvvəla, müvafiq icra hakimiyyəti orqanı o zonanın yaradılması haqqında qərar verir. Bu bir. Xüsusi iqtisadi zonanın səlahiyyətli orqanı dövlətlə operator arasında bir növ vasitəçi rolunu oynayır. Bu iki. Bundan sonra xüsusi iqtisadi zonanın administrasiyası gəlir. O, lazımi sənədləri verir. Nəhayət, xüsusi iqtisadi zonanın operatoru isə bu ərazini idarə edir. Yəni rezidentin başında bir neçə pillədən ibarət məmurlar dayanacaqsa və o, hamısına baş əyməli olacaqsa, bu, xüsusi iqtisadi zona ideyasını əvvəlcədən korlaya bilər. Yaxşı olardı ki, bu halqa götürülsün.
Məsələn, səlahiyyətli orqan və iqtisadi zonanın administrasiyası bir qurumda birləşə bilər və o birisinə heç ehtiyac da qalmayacaq. Qorxuram ki, bu qanun qüvvəyə minəndən sonra da bizdə bu sahədə işlər getməsin. Necə ki, Heydər Babayev və onun rəhbərlik etdiyi nazirlik üç il ərzində Bakıda tikiləcək məişət tullantıları emalı zavodu haqqında Milli Məclisdə hər dəfə ağızdolusu danışırdı. Lakin hələ də belə bir zavodun inşasına başlanmayıbdır. Respublikamız, xüsusən də Bakının ətrafı zibil içində üzür. Yəni mən demək istəyirəm ki, məmurlar, bürokratik aparat bəzən ən yaxşı işi, ən yaxşı layihəni illərlə uzada və axırda da onu dəfn edə bilərlər. Ona görə də, mənim qənaətimcə, azad və ya xüsusi iqtisadi zonanın yaradılması, xüsusən də idarə olunması şərtləri olduqca sadə və şəffaf olmalıdır. Yenə də təzə məmur ordusu yaratmağımız lazım deyil.
Bir məqamı da qeyd etmək istərdim. 7-ci maddədə yazılır ki, müvafiq icra hakimiyyəti orqanının xüsusi iqtisadi zona yaradılması haqqında qərarı dövlətin maraqları, təhlükəsizliyi, müdafiə qabiliyyəti ilə bağlı hallarda ləğv edilə bilər. Əvvəla, ləğv edilməsinin səbəbləri bir qədər mücərrəd və qeyri-müəyyən yazılıb. İkincisi də, hesab edirəm ki, hər bir halda belə məsələləri icra hakimiyyəti orqanı deyil, yalnız məhkəmələr həll etməlidir. Xülasə, mən qanunu dəstəkləyirəm, lakin hesab edirəm ki, xüsusi iqtisadi zonaların idarəetmə mexanizmləri, onların ləğv edilməsi haqqında və bir sıra digər maddələr təzədən işlənməli və sadələşdirilməlidir. Əks təqdirdə bu qanunun kağız üzərində qalması təhlükəsi var. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Elmira xanım. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! İkinci oxunuşda müzakirə etdiyimiz qanun layihəsi ölkəmizdə iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafına təkan verən bir məsələyə həsr olunmuşdur. Belə ki, xüsusi iqtisadi zonalar yalnız beynəlxalq ticarətin təşkil edilməsi məqsədi ilə yox, əsasən, daxili və xarici investisiyaları cəlb etmək, həmin zonalarda gömrük rüsumundan və vergidən azad olan emal, yüksək texnoloji istehsal sahələrini inkişaf etdirmək, məhsulları yeni rəqabət qabiliyyətli xarici bazara çıxara bilmək, məhsul istehsal edən müəssisələr yaratmaq, həmçinin turizmi inkişaf etdirmək məqsədi daşıyır. Hazırda ölkəmizin iqtisadi inkişaf səviyyəsi müəyyən gömrük və vergi güzəştlərinə getməklə bir sıra xüsusi iqtisadi zonalar yaradılmasına imkan verir. Bu da öz növbəsində ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi, neft və qaz azlığı və sonrakı dövrdə iqtisadiyyatın dinamik inkişafını təmin edə bilər.
Xüsusi iqtisadi zonaların yaradılması, sözsüz ki, yeni iş yerlərinin açılmasına, müasir texnologiya ilə işləməyi bacaran yeni peşə sahiblərinin formalaşmasına, yoxsulluğun azaldılmasına və digər sosial-iqtisadi sahələrin inkişafına da müsbət təsir göstərəcək. Bunun reallaşması ölkəmizə kapital axınını genişləndirəcək və respublikamızın dünyada yaranmış qlobal böhrandan uğurla çıxmasına təkan verəcəkdir. Qarşıya qoyulan bu məqsədlərə çatmaq üçün qəbul etdiyimiz qanun çox əhəmiyyətli və bütün əsas məsələləri özündə əks etdirən bir sənəd olmalıdır. Bu mənada qanun layihəsinə müəyyən irad və təkliflərimi bildirmək istərdim.
Layihənin 1.0.1-ci maddəsində “xüsusi iqtisadi zona” anlayışından belə başa düşülür ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti bu zonalar yaradıldıqdan sonra daha geniş şəkildə həyata keçəcək. Ona görə də yaxşı olardı ki, 1.0.1-ci maddə aşağıdakı kimi verilsin: “Xüsusi iqtisadi zonalar xüsusi hüquqi rejimlə sahibkarlıq fəaliyyətini həyata keçirən Azərbaycan Respublikası ərazisinin məhdud hissəsidir”.
1.0.7-ci maddə çıxarılsın, çünki xüsusi iqtisadi zonaların idarə edilməsi və inkişaf etdirilməsi elə həmin səlahiyyətli orqanın yerli qurumu kimi xüsusi iqtisadi zonanın administrasiyasının, həm də zonanın operatorunun məşğul olması belə bir zonanın yaradılması məhdudiyyətinə və məzmununa ziddir. Bürokratik əngəlliklərin və süründürməçiliyin baş verməməsi hakimiyyətin mövcudluğuna xidmət edər. Belə bir hal baş verdikdə isə investorları cəlb etmək olduqca çətinləşər və qarşıya qoyulan məqsədə çatmaq olmaz.
11.4-cü maddə operatorun xüsusi iqtisadi zonaların ərazisində rezident kimi fəaliyyət göstərməsi barədədir. 11.2.2-ci maddədə deyilir ki, xüsusi iqtisadi zonada kommunal, nəqliyyat, sosial və digər infrastruktur obyektlərinə investisiya qoymaq, həmin investisiyalardan xüsusi iqtisadi zonanın idarə edilməsindən gəlir əldə etməyə operatorun hüquqları vardır. Yəni operatorlara xüsusi iqtisadi zonalarda xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilir ki, bu da onların, faktiki, rezident funksiyasını yerinə yetirməsinə şərait yaradır. Belə bir şərait həmin zonada inhisarçılığın bərqərar olunmasına rəvac verməklə xüsusi iqtisadi zonanın məqsədinə ziddir. Bununla əlaqədar 12-ci maddənin çıxarılmasını və operatorlarla bağlı bütün maddələrin yenidən işlənməsini təklif edərdim.
10-cu maddədə qeyd edildiyi kimi, ehtiyac yarandığı halda xüsusi iqtisadi zonanın administrasiyası öz funksiyasını yerinə yetirmək üçün səlahiyyətli orqanların müəyyən etdiyi qaydada idarəetmə şirkəti cəlb edə və ya müşahidə şurası yarada bilər.
1.0.8-ci maddədən “xüsusi” sözü çıxarılmalıdır, çünki 1.0.5-ci maddədə həmin orqanın adı “xüsusi səlahiyyətli orqan” yox, sadəcə, “səlahiyyətli orqan” yazılıb. 2-ci maddədə “xüsusi iqtisadi zonaların yaradılması məqsədləri və istiqamətləri” yazılmalıdır, ona görə ki, orada ölkəmizdə hansı istiqamətdə xüsusi iqtisadi zonaların yaradılması əks olunmalıdır. Adətən, bu zonalar emal və yüksək texnoloji sahələrin, yeni məhsul növləri istehsalının, idxalı əvəz edən istehsal artımının, nəqliyyat infrastrukturunun, turizm və sanatoriya-kurort sahələrinin inkişafı üzrə yaradılır. Bu mənada maddə yenidən işlənməli və konkret istiqamətlər müəyyən edilməlidir.
Layihənin 5.1-ci maddəsində “qərar” sözündən sonra “səlahiyyətli orqanların təklifi əsasında” sözləri əlavə edilməlidir. Belə olduqda 5.2-ci maddəyə müəyyən aydınlıq gətirilər. Əks halda bu təklifin kim tərəfindən təqdim edilməsi qeyri-müəyyənlik yaradır. 6-cı maddə “Xüsusi iqtisadi zonanın müəyyənləşdirilməsi” adlansa da, burada həmin zonaların yaradılması üçün hansı maliyyə mənbələrindən istifadə olunması öz əksini tapmamışdır.
6.2-ci maddədə “zonanın” sözündən sonra “inkişafı və genişləndirilməsi” sözlərinin əlavə edilməsi daha düzgün olardı.
12-ci maddədə rezidentin qeydiyyata alınması prosesi uzadılır. Həmkarım Elmira xanım da düz dedi ki, bu, süründürməçilik üçün şərait yaradır. Hesab edirəm ki, rezidentlə niyyət protokolunun bağlanmasına ehtiyac yoxdur. Onun əvəzinə administrasiyaya ərizə və ərizəyə əlavə edilən sənədlərlə müraciət olunmalıdır. Bu maddədə ərizəyə əlavə olunan sənədlər də konkret göstərilməli və operativlik təmin edilməlidir.
Layihədə çox mühüm və eyni zamanda, tam açıqlanmayan maddələr var. 10.0.1-ci maddədən belə anlaşılır ki, xüsusi iqtisadi zonalar üçün yalnız dövlət torpaqlarının ayrılması nəzərdə tutulmuşdur. Bu halda həmin zonaları yaratmaq olduqca çox çətin olar. Ona görə ki, 14-cü maddədə xüsusi iqtisadi zonanın yaradılması üçün dövlət və bələdiyyə torpaqlarından istifadə olunması müddəası əks olunmuşdur. 14.2-ci və 10.0.1-ci maddələrdən “operatorla və operatorun təklifi əsasında” sözləri çıxarılmalıdır. Ona görə ki, “Torpaq icarəsi haqqında” Qanunda və digər qanunvericilik aktlarında göstərilir ki, torpaq icarəsi müqaviləsi icarədarla icarəyə verən arasında bağlanılır.
Layihənin 14.3-cü maddəsi “Torpaq icarəsi haqqında” Qanunun 13-cü maddəsinə ziddir. Ona görə də 14.3-cü maddənin birinci cümləsi “xüsusi iqtisadi zonaların torpaqları rezidentlərin razılığı ilə müəyyən edilən müddətə icarəyə verilir” kimi yazılmalıdır. Belə ki, dövlət torpaqları qısa və uzun müddətə yox, müvəqqəti istifadəyə verilir. Bu halda torpağa görə icarə pulu alınmır. Torpaq Məcəlləsinin 51-ci maddəsində o haqda konkret olaraq müddəa göstərilib. Bundan başqa, xüsusi iqtisadi zonalar əvvəlcədən müəyyən edilən müddətə yaradılırlar. Həmin müddət bitdikdən sonra bu zonalar ləğv olunacaq. Orada yaradılan müəssisələr və digər obyektlər isə qalıb fəaliyyətini davam etdirə bilər. Bu halda icarəyə verilmiş dövlət və bələdiyyə torpaqlarının hüquqi vəzifələrinə aydınlıq gətirilməlidir. Yəni burada onların obyektin sahibinə satılıb-satılmaması barədə müddəa öz əksini tapmalıdır. İnvestor həmin ərazidə torpaqların uzun müddətə hansı hüquqi qaydada istifadəyə veriləcəyini əvvəlcədən bilməlidir.
Tənzimlənməsi tələb olunan məsələlərdən biri də xüsusi iqtisadi zonaların ərazisində müxtəlif mülkiyyət növlərinə aid olan əmlakın mövcudluğu və onların bu zonada yaradıldıqdan sonra xüsusi istifadə vəziyyətinin necə olmasıdır. Göstərilən məsələ bu qanunda öz əksini taparsa, böyük anlaşılmazlıqların qarşısı alına bilər. Belə qalması isə zonaların fəaliyyətinə mane ola bilər. Bu səbəbdən 14-cü maddənin çox geniş və əhatəli yazılması tələb olunur. Yaxşı olar ki, layihədə bürokratik əngəli yaradan, sahibkarları investisiya qoymaqdan çəkindirən sadələşdirməni mürəkkəbləşdirməyən maddələrin yerinə investorlara dövlət dəstəyi verən müddəalar əlavə edilsin. Yalnız o yolla rezidentlərin sayını və investisiyaların həcmini artırmaq, yüksək nəticələr əldə etmək olar. Bunu nəzərə alaraq 7.2.1-ci maddədə “maraqları” sözünün çıxarılmasını məqsədəuyğun hesab edirəm.
12.12-ci və 14.14-cü maddələr arasında ziddiyyət vardır. Belə ki, 12.12-ci maddədə qanunvericilik aktlarının pozulmasına görə rezidentin qeydiyyata alınması iddiası məhkəmə tərəfindən həll olunacaqdır. 14.4-cü maddədə isə sazişin tələbləri pozulduğuna görə, xüsusi iqtisadi zona tərəfindən sahibkarlıq fəaliyyətinin aparılması haqqında həmin müqaviləyə dair qeydiyyat operatorlar tərəfindən ləğv edilir. Hesab edirəm ki, bütün hallarda qeydiyyat məhkəmə tərəfindən ləğv edilə bilər. Bir məsələni də təklif edirəm. Yaxşısı budur ki, 14.4-cü maddə aradan çıxarılsın və 13-cü maddəyə əlavə olunsun. 14-cü maddə ilə əlaqədar bir məsələyə də diqqət yetirməyinizi xahiş edərdim. Xüsusi iqtisadi zonalar təşkil ediləndə, şübhəsiz ki, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə ediləcək. Bununla əlaqədar olaraq bu maddədə göstərilməlidir ki, xüsusi iqtisadi zonalar seçilərkən qeyri-kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına az yararlı və yararsız torpaqlardan verilməsi nəzərdə tutulsun. Sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Ərəstun Cavadov.
Ə. Cavadov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Çıxışımın əvvəlində qeyd etmək istəyirəm ki, müstəqillik əldə etdiyimiz dövrdən bu günə kimi dövlətimiz tərəfindən sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində çox müsbət addımlar atılmışdır. Mən həmin müsbət addımlardan biri kimi bu gün müzakirəyə çıxarılmış Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsini xüsusi olaraq qeyd etmək istəyirəm. Belə ki, hazırda ikinci oxunuşda müzakirə etdiyimiz qanun layihəsinin məzmunundan da göründüyü kimi, bu qanun ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləməklə yanaşı, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili qaydalarını da müəyyənləşdirmək məqsədi daşıyır. Yəni bu qanunda xüsusi iqtisadi zonanın yaradılması və həmin zonada güzəştli şərtlərlə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur. Dünyada baş verən qlobal iqtisadi böhranın ölkəmizə təsirini azaltmaq məqsədi ilə belə xüsusi iqtisadi zonaların yaradılmasını, şübhəsiz ki, mən də bir deputat kimi məqsədəmüvafiq hesab edirəm.
Mənim layihənin bir neçə maddəsinə təkliflərim vardır. Birincisi, çox yaxşı olardı ki, qanun layihəsinin “Xüsusi iqtisadi zonaların yaradılması” adlanan 5-ci maddəsinə bir yeni bənd əlavə etsinlər. Həmin bənddə qeyd olunsun ki, dövlət əsas olaraq regionların iqtisadi və sosial vəziyyətinin daha da yaxşılaşdırılması, regionlarda sahibkarlıq fəaliyyətinin gücləndirilməsi məqsədi ilə xüsusi iqtisadi zonaların yaradılmasını məqsədəmüvafiq hesab edir.
İkinci məsələ isə ondan ibarətdir ki, qanun layihəsinin “Səlahiyyətli orqanın funksiyaları” adlanan 9-cu maddəsinin birinci bəndində xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar səlahiyyətli orqana bir sıra funksiyaların həyata keçirilməsi tapşırılır. 9.1.5-ci maddədə səlahiyyətli orqana müsabiqə yolu ilə operatorun seçilməsi və onunla idarəetmə sazişinin bağlanması tapşırılır. Lakin qanun layihəsinin 9.2-ci maddəsində isə yazılır ki, həmin müsabiqənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hesab edirəm ki, xüsusi iqtisadi zonaların idarə edilməsi üçün müsabiqə yolu ilə operatorun seçilməsi qaydaları məhz bu qanun layihəsinin predmetidir və həmin qaydalar burada öz əksini tapmalıdır. Mən qanun layihəsinin digər müddəalarını çox müsbət qiymətləndirirəm və hesab edirəm ki, Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin qəbul edilməsi məqsədəuyğundur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Ərəstun müəllim. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Sağ olun, Ziyafət müəllim. Müzakirəyə təqdim edilmiş Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsini mən çox yüksək qiymətləndirirəm. Həqiqətən də, bu, Azərbaycanda sahibkarlığın inkişafı, bütövlükdə iqtisadi inkişaf istiqamətində hazırlanan ən mühüm qanun layihələrindən biridir. Qanun layihəsi çox yüksək səviyyədə hazırlanıbdır. Mən hesab edirəm ki, müzakirə zamanı səslənmiş müəyyən konstruktiv fikirlər nəzərə alınmaqla qanun layihəsi qəbul oluna bilər və mən onun lehinə səs verəcəyəm.
Hörmətli Ziyafət müəllim, mən cari məsələlərə yazılmışdım. Amma təəssüf ki, mənə vaxt çatmadı və mən Milli Televiziya və Radio Şurasının həmin o məlum qərarı haqqında mütləq öz fikrimi bildirməli idim. Azərbaycan televiziyasında və radiosunda verilişlərin ana dilimizdə aparılmasını mən çox düzgün addım hesab edirəm və bu, bəlkə də gecikmiş bir qərardır, daha öncə qəbul olunmalı idi. Mən çox istərdim ki, fikirlərimi burada səsləndirim, çünki bu, gələn iclaslara qalsa, aktuallığını bir qədər itirmiş olacaq. İmkan versəydiniz, mən öz fikirlərimi deyərdim.
Sədrlik edən. Xahiş edirəm, mümkündürsə, fikirlərinizi qısa şəkildə bildirin.
G. Baxşəliyeva. Yaxşı. Mənə ayrılmış zaman kəsiyində çalışacağam ki, fikrimi bildirəm. Azərbaycan dili Konstitusiyamızda təsbit olunmuş dövlət dili statusuna malikdir. Bu dili yaşatmaq, inkişaf etdirmək, tətbiqini təmin etmək, saflığını qorumaq dövlət və hər bir vətəndaşın borcudur. Azərbaycan dili günümüzə qədər böyük inkişaf yolu keçib. Bu gün dilimiz bütün türk dilləri içərisində öz leksik və semantik tərkibinə, qrammatik strukturuna görə ən zəngin və ən inkişaf etmiş dildir. Eyni zamanda, müasir Azərbaycan dili türk dilləri içərisində öz təmizliyini və genetik xüsusiyyətlərini ən yaxşı qoruyub saxlamış dildir. Bu mənim subyektiv fikrim deyil, bütün dilçi alimlər tərəfindən qəbul olunmuş bir həqiqətdir.
XVIII əsrin sonunadək hətta Orta Asiyada türk dili məhz böyük Füzulimizin “Leyli və Məcnun” əsəri vasitəsi ilə tədris olunurdu. Belə olan halda digər türk dilləri hesabına dilimizin tətbiqinin məhdudlaşdırılması, hesab edirəm ki, xalqımıza heç də lazım deyil. Eyni zamanda, türkdilli xalqların bir-birinə yaxınlaşmasında, qarşılıqlı inteqrasiya prosesində dil probleminin olduğu da həqiqətdir. Bir çox elm adamlarının fikrincə, ortaq türk dili bu problemi aradan qaldırar. Söhbət əcdadlarımızın min illərlə danışdığı və sonrakı nəsillərə ötürdüyü dilin bütün türkdilli xalqlar üçün anlaşılan bir formasının qəbulundan gedir. Heç şübhəsiz ki, mən ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayanmasını istərdim. Ona görə yox ki, özüm azərbaycanlıyam və öz dilimi daha çox sevirəm. Bu, təbiidir. Mən məsələyə daha çox dilçilik aspektindən, dilin öyrənilməsi səviyyəsindən və təmizliyindən, norma və qanunları, tarixi-ənənəvi keyfiyyətləri qoruması baxımından yanaşıram.
Təxminən 1000 il bundan öncə yazıya alınmış “Kitabi Dədə Qorqud” dastanı ilə bugünkü Azərbaycan dili arasında çox az fərq var. Müasir Azərbaycan oxucusu “Kitabi Dədə Qorqud”u oxuyur və asanlıqla başa düşür. Digər tərəfdən, Azərbaycan dili kifayət qədər ciddi öyrənilib. Dil materialı linqvistik baxımdan təhlil edilib. Adi bir misal deyim. Mahmud Kaşqarinin hələ XII əsrdə türk dillərində kəşf etdiyi ahəng qanunu bu gün ən çox Azərbaycan dilində izlənilir. Bu da dilin axıcılığında, rəvanlığında özünü göstərir. Ona görə də Azərbaycan dili tez anlaşılır və başa düşülür. Dilimizin bu xüsusiyyətini nəzərə alaraq, bir vaxtlar Lermontov yazırdı ki, fransız dili Avropada nədirsə, Azərbaycan dili də Qafqazda və bütövlükdə Şərqdə odur. Hesab edirəm ki, ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayandığı təqdirdə onun bütün türkdilli xalqlar üçün ümumişlək dilə çevrilməsi problemi olmayacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Gövhər xanım. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin əvvəlki və indiki oxunuşdakı müzakirələrinə qulaq asarkən, sözün doğrusu, bir qədər təəccüb edirəm. Çünki bizim bəzi həmkarlarımızda belə təsəvvür yaranıb ki, hər şeyə artıq çıxış yolu tapılıb, bir-iki xüsusi iqtisadi zona yaratmaqla Azərbaycan iqtisadiyyatının dinamikliyini artırmaq və burada guya hansısa yüksək inkişafa nail olmaq mümkün olacaq. Bu cür sadə fikirlərdən bir qədər uzaq olmaq lazımdır. Bəzi çıxışlardan belə görünür ki, xüsusi iqtisadi zona ilə azad iqtisadi zona bir-birinə qarışdırılır. Burada müəyyən elementlər üst-üstə düşür, amma xüsusi iqtisadi zonanın bizim eşitdiyimiz, oxuduğumuz və ya müşahidə etdiyimiz azad iqtisadi zonalardan fərqli olduğunu da bilmək lazımdır.
Nəhayət, “xüsusi iqtisadi zona nədir?” – deyə hal-hazırda bəzi kütləvi informasiya vasitələrinin səyi ilə Azərbaycan cəmiyyətində böyük bir ajiotaj yaranmışdır. Zirə adasının satılmasından, Nargində bir neçə milyardlıq zona yaradılmasından və bu kimi məsələlərdən danışılır. Xüsusi iqtisadi zonanın nə olduğunu bilmək üçün, məncə, bu qanunun gömrük və vergi rejimi haqqında olan maddələrinə baxmaq lazımdır. Onda bilinər ki, xüsusi iqtisadi zona nə deməkdir?
Düzdür, bu qanun layihəsinin əvvəlində yüksək informasiya texnologiyaları, rəqabət yönümlü məhsullar istehsalı yazılıb, amma bunların hamısı sözdür. Bu qanunda yalnız məhdud bir zonada anbarların yaradılması, ora xaricdən gömrüksüz mal idxal olunması və ola bilsin ki, bəzi xidmətlərin göstərilməsi, məsələn, qumarxanaların və Azərbaycan Respublikasının digər ərazilərində qadağan olunan bəzi xidmət sahələrinin açılması nəzərdə tutulur. Məsələn, bizim dağ, sərhəd rayonlarında, ya da Naxçıvan Muxtar Respublikasının ərazisində hansı kommunikasiya xətləri və yaxud əlverişli gediş-gəliş yolları var? Sakitlik, asayiş və sülh baxımından hansı bir xüsusi mühit var ki, xaricdən cürbəcür, pulları başlarından tökülən investorlar, – hətta burada rəqəmlər də sadalanırdı ki, neçə milyondan bir bunlara rezident hüququ verilsin, – ya Tovuz rayonuna, ya Sabirabada, ya da Naxçıvana tökülüb gəlsinlər və öz valyutalarını bura qoysunlar? Bir daha təkrar edirəm, burada sadəlövh olmaq yox, həqiqətə baxmaq lazımdır.
Bir konsepsiya irəli sürdük ki, Azərbaycan xalqının mentaliteti, ticarətlə, alış-verişlə məşğul olması, Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, kommunikasiya xətlərinin ortasında yerləşməsi kimi üstünlüklərdən istifadə edərək Azərbaycanı tranzit ölkəsinə çevirək. Belə olarsa, yuxarıda dediyim amillər imkan verəcək ki, ölkəyə əlavə gəlirlər gəlsin. Ola bilər, məsələn, təkrar ixracatla bağlı müəyyən əməliyyatların olması və bununla da ölkənin istər büdcəsinə, istərsə də vətəndaşlarının gəlirlərinə nəyinsə daxil olması nəzərdə tutulsun. Amma hörmətli deputatlar, bir daha təkrar edirəm, qanunla bağlı çox səbirsizlik göstərirlər və bu, əslində, Azərbaycanda rəqabət mühitini olduqca pisləşdirəcəkdir. Necə pisləşdirəcəkdir? Xüsusi iqtisadi zonalarda rezident olacaq şəxslər idxal-ixrac əməliyyatlarında xüsusi üstünlük əldə edəcəklər və idxal-ixrac əməliyyatları ilə məşğul olan digər firmalar, hüquqi şəxslər və ayrı-ayrı fiziki şəxslər çox pis vəziyyətə düşəcəklər. Nəticədə də biz bir daha əks nəticəni görəcəyik. Mən məmnuniyyətlə bunun əksinin olmasını istərdim. Bunun üçün də çox gözləmək lazım gəlməyəcəkdir.
Sonda mən bir məsələyə diqqəti cəlb eləmək istəyirəm. 16.2-ci maddədə yazılır: “Xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş malları Azərbaycan Respublikasının qalan ərazisinə ixrac edən xüsusi iqtisadi zonanın rezidentlərinə güzəştli gömrük rejimi tətbiq edilmir”. Misal üçün, təsəvvür edin ki, hörmətli Qənirə xanımın deputat olduğu Tovuz rayonunda xüsusi iqtisadi rayon yarandı. Tovuzda nə emal olunacaqsa, bu, Azərbaycanın digər ərazisinə ancaq gömrüklə buraxılacaq? Siz bilirsiniz bu nə deməkdir? Yaxud Naxçıvan Muxtar Respublikasının ərazisində Ordubad meyvələrindən, konservlərindən tutmuş xüsusi otlara qədər nə istehsal olunacaqsa, onların bura gətirilməsinə gömrük tətbiq olunacaq? Yəni Azərbaycan Respublikasının özünün ərazisində bu sizin üçün elə də əlverişli görünməsin. Qanunda bu cür hallar var. Əgər bu, yalnız xaricdən ixrac olunan mallara aid olunsa idi, məsələn, 16.3.4-cü maddədə göstərildiyi kimi, Azərbaycan Respublikasının gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar Azərbaycan Respublikasının digər gömrük ərazisinə tətbiq edilsə idi, bunu başa düşmək olardı. Ona görə bir daha təkrar edirəm, bu, çox əndrabadi bir müddəadır. Hörmətli Ziyad müəllimdən də xahiş edərdim, bu məsələyə aydınlıq gətirilsin. Bu məsələ bir daha izah olunmalıdır ki, nə sizdə, nə də digərlərində müəyyən bir fikir yaranmasın. Mən şəxsən Sabirabadda xüsusi iqtisadi zonanın yaradılmasını arzu eləmirəm və istəmirəm. Sağ olun.
Sədrlik edən. Pənah bəy, hələ qanun qəbul olunmayıb, amma Siz artıq fal açmağa başlamısınız. 6 dəqiqə danışdınız, konkret bir şey demədiniz. Düz 6 dəqiqədir ki, şərt budaq cümləsi ilə danışırsınız. Naxçıvandan gəlsə, belə olacaq, Tovuzdan gəlsə, elə olacaq. Əvvəla, heç kim Sabirabadda xüsusi iqtisadi zona açmır. Xüsusi iqtisadi zona üçün yerlər ölçülüb-biçiləcək və dünya praktikasından istifadə olunacaq. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Əlbəttə, mən qanun layihəsinin birinci oxunuşunda da öz fikirlərimi ifadə etmişəm və bu gün də təkrarlayıram ki, təqdim edilmiş qanun layihəsi kifayət qədər əhəmiyyətlidir və onun qəbul edilməsi son dərəcə zəruridir. Əgər bu gün ölkə Prezidentinin iqtisadi siyasəti və siyasi iradəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlibsə, deməli, qeyri-neft sektorunun inkişafı mahiyyət etibarilə müvafiq qanunvericilik bazasına əsaslanmalıdır. Bu baxımdan, düşünürəm ki, təqdim edilmiş qanun layihəsinin qəbul edilməsi son dərəcə vacib və əhəmiyyətlidir. Bu mənim birmənalı fikrimdir. Qanun layihəsinin ikinci oxunuşunda söyləyəcəyim müəyyən iradlara baxmayaraq, nəticə etibarilə belə bir qanun layihəsinin qəbul edilməsinin birmənalı şəkildə tərəfdarıyam.
Hörmətli həmkarım Pənah Hüseynin söyləmiş olduğu fikrə rəğmən demək istərdim ki, xüsusi iqtisadi zonanın özü mahiyyət etibarilə o deməkdir ki, bu, bütün regionlarda yaradıla bilməz. Bu o regionda, o yerdə yaradılır ki, onun artıq bütün parametrləri xüsusi iqtisadi zonanın prinsiplərinə uyğun gəlir. Biz elə düşünməli deyilik ki, bu qanun layihəsi qəbul ediləndən sonra Azərbaycanın ərazisində 5–10 xüsusi iqtisadi zona yaradılacaq. Bu cür düşünmənin özü kifayət qədər əsassızdır. Bu məsələ qanun layihəsinin 2-ci maddəsində kifayət qədər ifadə olunub. Bu, xüsusi iqtisadi zonadır, azad iqtisadi zona deyil. Çünki burada sahibkarlıq və məişət xidməti nəzərdə tutulur. Burada ticarət məsələləri, deyək ki, Dubay variantı yoxdur. Ona görə də mən düşünürəm ki, təqdim olunmuş qanun layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına xidmət eləyəcək. Mən burada büdcə müzakirə olunanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti ilə bağlı fikirlərimi ifadə edərkən söylədim ki, bu gün Azərbaycanın iqtisadi inkişafını təmin eləyən mühüm parametrlərdən, mühüm istiqamətlərdən biri budur və buna görə də bu sahəyə xüsusi əhəmiyyət vermək lazımdır. Çünki onun tətbiqi ilə dərhal onun vermiş olduğu nəticələr çox gözlənilməli deyil və bu cür sahələrin yaradılması əhəmiyyətlidir, qanunla tənzimlənir.
Bununla bərabər, mən istərdim ki, bəzi fikirlərimi də hörmətli işçi qrupunun diqqətinə çatdırım. Məsələn, burada “Əsas anlayışlar” adlanan 1-ci maddədə “xüsusi iqtisadi zonanın rezidentləri” anlayışı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri nəzərdə tutur. Ancaq bunun müqabilində baxın, görün nələr deyilir: səlahiyyətli orqan, administrasiya və operator. Hörmətli Elmira xanım da bu fikirləri söylədi və onunla tamamilə şərikəm ki, ölkənin daxili iqtisadi siyasətində konkretləşmə aparılır, vahid pəncərə sistemi tətbiq edilir. Əgər belədirsə, nədən bir tərəf olan sahibkarlıq başqa üç tərəflə təmasda olmalıdır və onların hər birinin müəyyən sənədləşməsindən, pəncərəsindən keçməlidir? Burada bürokratik əngəllərin ifadələri görünür. Ona görə də mən istərdim ki, buna aydınlıq gətirilsin.
6.1-ci maddədə göstərilir ki, xüsusi iqtisadi zonanın yaradılmasının maliyyələşdirilmə mənbələri müvafiq icra hakimiyyəti orqanının onun yaradılması haqqında qəbul etdiyi qərarda müəyyən edilir. Bu necə ola bilər? Deyək ki, sahibkardır, maliyyə imkanları var, xüsusi iqtisadi zonanın rezidenti kimi burada iştirak etmək niyyətindədir. Bunun daha maliyyə imkanları, maliyyə mənbələri müvafiq icra hakimiyyəti tərəfindən necə müəyyənləşməlidir? Söhbət, əlbəttə, şəffaf və təmiz maliyyə mənbələrindən gedir. Belə çıxır ki, (“a”) prinsipi ilə bunu əldə etmisənsə, olar, (“b”) prinsipi ilə qəbul etmisənsə, olmaz. Bu da, düşünürəm ki, kifayət qədər mübahisəlidir və buna aydınlıq gətirilməlidir.
Ümumiyyətlə, bu qanun layihəsinin qəbul edilməsinə ehtiyac var, lakin burada mürəkkəb anlayışlardan, mürəkkəb yanaşmalardan imtina edilməlidir. Yanaşmalar daha çox sadələşdirilməli, daha çox aydın olmalıdır. Bürokratizmə, müəyyən dərəcədə süründürməçiliyə xidmət eləyən müddəalar aradan qaldırılmalıdır. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Bu qanunun qəbul olunmasının hüquqi əsasları hələ 2007-ci ildə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər ediləndə yaranıb. 2.4.7-ci maddəyə əlavələri qəbul eləyəndə artıq bu qanunun adı orada yazılmışdı. O zaman o əlavə və dəyişiklikləri qəbul edəndə qeyd etmişik ki, belə qanun lazımdır. Belə qanun hazırlanacaq və qəbul olunacaq.
Ola bilsin, mən çıxış eləməzdim. Pənah bəyin çıxış tərzinə öyrənmişik. Mən şəxsən onu adi bir çıxış kimi qəbul edirəm, ancaq bu qanun layihəsini hazırlayanları şərləmək heç kimə ləyaqət gətirməz. Ərazidə anbarlar yaradılacaq, nə bilim, nə saxlanılacaq, nə satılacaq və sair. Xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi 2-ci maddədə çox dəqiq göstərilib: “Xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkili yolu ilə Azərbaycan Respublikasında sahibkarlığın və bütövlükdə iqtisadiyyatın inkişafını sürətləndirməkdir”.
4-cü maddə “Xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyəti” adlanır. 4.2-ci maddə dediyiniz məsələlərə aiddir. Burada qeyd olunur ki, qanunvericiliyə əsasən mülki dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların istehsalı, saxlanılması və satışı, yerin təkindən faydalı qazıntıların çıxarılması, habelə qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, teleradio yayımı fəaliyyəti, spirtli içkilərin və tütün məmulatlarının istehsalı, – nəhayət, anbara gəlib çıxırıq, – xaricdə istehsal olunan malların pərakəndə satış məqsədi ilə emalı qadağandır. Burada birmənalı şəkildə göstərilir.
Pənah bəy, sən çıxış eləyəndə bir adam qışqırmadı, bir adam bağırmadı. Xahiş edirəm, sizə söz veriləndə danışarsınız. Qanun layihəsi çox yüksək və professional səviyyədə hazırlanıb. Beynəlxalq təcrübə öyrənilib. Dediyimiz İdarəetmə sistemi mürəkkəb deyil, təcrübədən yaranmış sistemdir. Səlahiyyətli orqan da, administrasiya da, operator da olacaq. Bunların hər birinin öz funksiyası var. Özü də səlahiyyətli orqan o demək deyil ki, xüsusi bir məmurlar qrupu yaradılacaq. Bu gün fəaliyyət göstərən icra hakimiyyəti orqanlarından birinin adı “səlahiyyətli orqan” olacaq və sair. Mənim fikrimcə, bu qanun layihəsini ikinci oxunuşda qəbul etmək lazımdır. Üçüncü oxunuşda da bunun lehinə səs verib, qəbul edərik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Yazılanlardan təkid eləyənlər varmı? Təkid edən yoxdur. Mən hesab edirəm ki, bu qanun haqqında biz kifayət qədər danışmışıq, Valeh müəllim də yaxşı izahat verdi. Təəssüf ki, bəzən Fəzail Ağamalının dediyi kimi, xüsusi iqtisadi zona ilə azad iqtisadi zonanı qarışıq salanda belə məsələlər ortaya çıxır.
Bildiyiniz kimi, qanun layihəsi 20 maddədən ibarətdir. Əgər etiraz yoxdursa, maddələri beş-beş səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, 1–5-ci maddələrə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.00 dəq.)

Lehinə 91
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 4
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 6–10-cu maddələrə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.00 dəq.)

Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 11–15-ci maddələrə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.00 dəq.)

Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 16–20-ci maddələrə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.01 dəq.)

Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda qəbuluna münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.02 dəq.)

Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Ziyad müəllim, yəqin ki, üçüncü oxunuşa qədər millət vəkillərinin təkliflərinə bir də baxılacaq və qanun layihəsi üçüncü oxunuşa daha təkmil şəkildə çıxarılacaq.
Növbəti məsələ. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin layihəsi haqqında. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, cənab Prezident tərəfindən Milli Məclisə mühüm bir qanunun – Mənzil Məcəlləsinin layihəsi təqdim edilmiş və birinci oxunuşda qəbul olunmuşdur. Parlamentdə birinci oxunuşda çox geniş müzakirəyə imkan olmasa da, çıxış edən millət vəkilləri qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində çox maraqlı təkliflərini bildirdilər. Hörmətli Hadi müəllimin, Xanhüseyn Kazımlının, Elmira Axundovanın, Fazil Mustafanın, Pənah Hüseynin, Rafael Cəbrayılovun, Fəzail Ağamalının və Vasif Əliyevin çıxışlarındakı təkliflər layihə ikinci oxunuşa hazırlanarkən bir daha diqqətlə öyrənildi. İşçi qrup həm millət vəkillərinin təklif və iradlarını, həm də işçi qrupun tərkibindəki mütəxəssislərin təkliflərini nəzərə alaraq təxminən 100-ə yaxın maddəyə bu və ya digər formada dəyişiklik və ya əlavə etmiş, bir sıra maddələri məcəllədən çıxarmışdır.
Məcəllə üzərində çalışarkən biz bir istiqaməti rəhbər tutmuşuq. Mənzil Məcəlləsi istər-istəməz Mülki Məcəllə ilə, hazırda parlamentdə müzakirədə olan Tikinti Məcəlləsi və Şəhərsalma Məcəlləsi ilə bu və ya digər formada bağlıdır. Bu, nəzərə alınsa da, işçi qrupun əsas vəzifəsi ondan ibarət olub ki, məhz bu qanunun, yəni Mənzil Məcəlləsinin predmetinə daxil olan məsələlər üzrə iş aparsın.
Bildiyiniz kimi, mənzil hüququ Konstitusiyada təsbit olunmuşdur. Amma mənzil hüququ Konstitusiyadakı 29-cu maddə – mülkiyyət hüququ ilə də üzvi surətdə bağlıdır. Ölkəmizin bazar iqtisadiyyatı yönümündə uğurlu inkişafı, eyni zamanda, özəlləşmə prosesinin getməsi, yeni iqtisadi münasibətlər bu məsələlərə bir yenilik gətirib. Mən birinci oxunuş zamanı da çıxışımda qeyd etmişdim, bu münasibətlər yeniləşib, dəyişib, amma qanunvericilik köhnədir, sovet dövründən qalmış bir qanunvericilikdir. İndi bizim qarşımızda duran vəzifə təkcə mövcud münasibətləri tənzimləmək deyil, bir qədər də gələcəyə, perspektivə baxmaqdan ibarətdir.
Müzakirələr zamanı ən çox mübahisə və müzakirə predmetinə çevrilən məsələlərdən biri də yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçməsi ilə bağlı məsələ olub. Burada iki fərqli münasibət oldu. Millət vəkillərinin bir hissəsi bu prosesi bir qədər zərərli görür. Amma iqtisadiyyatımızın, ölkəmizin inkişafı onu göstərir ki, bu, labüd bir prosesdir. Özəl sektorun, sahibkarlığın inkişafı ilə bağlı bu proses gedir, amma pərakəndə gedir. Məsələni burada tənzimləmək lazımdır.
Millət vəkillərinin, o cümlədən mütəxəssislərin diqqətini cəlb edən ikinci maraqlı məsələ yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması ilə bağlı idi. Yaşayış sahəsinin yenidən qurulmasında söhbət əsaslı təmirdən gedir. Yaşayış sahəsinin yenidən planlaşdırılması isə onun konfiqurasiyasının dəyişilməsinə səbəb olduğundan yaşayış sahəsinin texniki pasportuna dəyişiklik olunmasını tələb edir. İki anlayışdır – biri əsaslı təmirdir, ikincisi isə bütövlükdə yenidən planlaşdırmadır ki, bu zaman yaşayış sahəsinin konfiqurasiyası dəyişir. Hər iki halda müvafiq icra hakimiyyəti orqanının qərarına ehtiyac var.
Millət vəkilləri bir qədər narahat idilər ki, bu proses vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxara bilər, bəzi hallarda isə süründürməçiliklə müşahidə olunar. Qanunvericilik təşəbbüsü subyektinin təklif etdiyi variant müvafiq dövlət orqanı ilə razılaşdırma zamanı vəzifənin müvafiq icra hakimiyyəti orqanının üzərinə qoyulmasından ibarətdir. Yəni təklif olunmuş variantda göstərilir ki, vətəndaş mənzilinin yenidən planlaşdırılması niyyətindədirsə, lazımi sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməli, bu orqan isə 3 gündən gec olmayan müddətdə qərarını vətəndaşa bildirməli və ya göndərməlidir. Burada vəzifə müvafiq icra hakimiyyəti orqanının üzərinə qoyulur. Artıq vətəndaş icra hakimiyyəti orqanını axtarmalı deyil. Bu bizim qanunvericilikdə bəzi hallarda süründürməçilik hallarının qarşısını alan yeni müddəalardan biridir.
31-ci maddə. Dövlət ehtiyacları üçün torpaq sahələri alınarkən yaşayış sahəsi mülkiyyətçisinin mənzil hüquqlarının təmin edilməsi. Bu da çox vacib məsələdir və komissiyaların iclasında bu maddə ilə də bağlı çox geniş danışmışdıq. Komissiyaların birgə müzakirəsində də demişdim və bir daha vurğulamaq istəyirəm ki, qanunvericilik təşəbbüsü subyekti bu halda vətəndaşın mənzil hüquqlarının təmin olunması baxımından çox uğurlu bir variant təklif edib. Dövlət ehtiyacları üçün torpaq sahəsi alınırsa, vətəndaşa razılaşma əsasında kompensasiya və bu proses zamanı vətəndaşın çəkdiyi bütün məsrəflər ödənilməlidir. Düşünürəm ki, əmlakla bağlı qanunvericiliyə etdiyimiz düzəlişdən daha uğurlu bir variant təklif etmişik.
Bilirsiniz ki, müasir dövrdə çoxlu sayda tikililər, mənzillər, binalar mövcuddur. Ancaq onların idarə olunması, operator xidməti real olaraq mövcud deyil. Bu çox ciddi bir problemdir. Burada müasir standartlara uyğun olan bir neçə təklifimiz vardır.
Məcəllənin qüvvəyə minməsi ilə bağlı. Düzdür, təklif olu-nub ki, bu məcəllə 2009-cu il martın 15-də qüvvəyə minsin. Amma qanunvericilik təşəbbüsü subyekti ilə bizim razılaşmamız olub ki, bu müddət bizim müzakirələrdən asılı olaraq dəyişəcək.
Son olaraq onu qeyd etmək istəyirəm ki, müzakirə prosesinə biz ilk növbədə məhkəmə mübahisələrində praktik təcrübəsi olan hakim korpusunu cəlb etmişdik. Layihə rəy üçün Ali Məhkəməyə də göndərilib. Hazırda Ali Məhkəmənin bir sıra təklifləri var. Düzdür, biz hələlik onları nəzərə ala bilməmişik. Dörd komissiyanın birgə müzakirəsində də çox faydalı təkliflər olmuşdur. Mən qanunvericilik təşəbbüsü subyektinə bu fikirləri çatdırdım. Bu fikirlərin bir hissəsi qəbul olunacaq. Sadəcə, belə qərara gəldik ki, ikinci oxunuş zamanı parlamentdə veriləcək təkliflər ümumiləşdirilsin və üçüncü oxunuşa qədər bunları müzakirə edək. Amma xüsusi olaraq qeyd etmək istəyirəm ki, işçi qrup özü də millət vəkillərinin, mütəxəssislərin verdiyi bütün təkliflərdən bəhrələnmək niyyətindədir. Bu bizim üçün də bir qədər mürəkkəb sahədir, yeni münasibətlərdir. Biz bu sahədə və ümumiyyətlə, mülki qanunvericilik sahəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edirik. Artıq belə bir təkliflə çıxış etmişik ki, Mənzil Məcəlləsinin parlamentdə üçüncü oxunuşuna qədər ictimai müzakirəsini də təşkil edək. Elə bilirəm ki, bu, Mənzil Məcəlləsinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olacaq.
Biz indi millət vəkillərindən təklif etdiyimiz variantla bağlı iradlar, təkliflər gözləyirik. Yeganə məqsədimiz vətəndaşlarımızın mənzil hüquqlarının daha səmərəli qorunması baxımından görəcəyimiz işlərin müəyyənləşdirilməsidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ümumi müzakirəni mən də çox yüksək qiymətləndirirəm. Əlbəttə, müzakirələri keçirmək lazımdır. Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.12 dəq.)

Lehinə 91
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Mən o biri komissiyalara da söz vermək istəyirdim. Ancaq Əli müəllim düzgün təklif etdi, ikinci oxunuşun da müzakirələri keçsin, sonra komissiyalara bir yerdə söz verərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə? 16 nəfər yazılıb. Vacib məsələdir. 5 dəqiqə çıxış etmək istəyən 5 dəqiqə çıxış edər. Mənzil Məcəlləsinə çox diqqətlə yanaşmaq lazımdır. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İkinci oxunuşda müzakirəyə çıxarılmış Mənzil Məcəlləsinin layihəsi mülki sahənin ən vacib qanunvericilik aktlarından biridir. Elə bir gün olmur ki, ölkə vətəndaşları mənzil mübahisəsi ilə üzləşməsin, məhkəmələr bu cür mülki işlərə baxmamış olsun. Bu gün qüvvədə olan Mənzil Məcəlləsində çoxlu boşluqlar var. Sovet dönəmində qəbul olunmuş, sonralar çox sadə əlavə və düzəlişlər edilmiş bu qanunvericilik aktı günümüzün reallıqlarına və tələblərinə cavab vermir. Ona görə qəbul edəcəyimiz yeni məcəllə elə işlənməli və təkmil olmalıdır ki, sənəd hüququn bu sahəsində bütün tələblərə tam cavab vermiş olsun.
İkinci oxunuşun tələblərinə uyğun olaraq layihə ilə bağlı fikir və mülahizələrimi hörmətli həmkarlarımla bölüşmək istəyirəm. İlk olaraq təklif edirəm ki, məcəlləyə “Əsas anlayışlar” maddəsi əlavə edilsin və bu maddə mükəmməl hazırlansın.
İkinci təklifim qanun layihəsinin “Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması” adlanan IV fəslinin maddələrinə aiddir. Məcəllənin “Yaşayış sahələrinin sığortalanması” adlanan 19-cu maddəsində çox düzgün olaraq yaşayış sahələrinin sığortalanması məsələsi bir sadə cümlə ilə verilir və bildirilir ki, bu məsələ sığorta qanunvericiliyi ilə tənzimlənir. Bu çox düzgün yanaşmadır. Lakin qanun layihəsi, ümumilikdə, rus dilindən tərcümə edildiyi üçün burada və xüsusilə də IV fəsildə müəyyən qüsurlara yol verilibdir. Məsələn, məncə, IV fəsil, yəni layihənin 23-cü maddədən 28-ci maddəyədək olan hissəsi başqa sahələrin – tikinti, fövqəladə hal, qəza qanunvericiliklərinin və Mülki Məcəllənin predmetidir. Ona görə də bu maddələr məcəllədə bir maddədə – yuxarıda qeyd etdiyim 19-cu maddədə ehtiva olunmalı və orada qeyd edilməlidir ki, bu məsələlər Mülki Məcəllə, tikinti hüququ və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Üçüncü təklifim bu məcəllənin Mülki Məcəllə ilə uzlaşdırılmasıdır. Bu sənəddəki bir çox tənzimləyici müddəalar, xüsusilə mənzil fondunun idarəetmə mexanizmi və digər bu kimi məsələlər Mülki Məcəllədə öz əksini tapır. Ona görə işçi qrup bu layihənin mətnini qüvvədə olan Mülki Məcəllənin mətni ilə tutuşdurmalıdır. Elə etmək lazımdır ki, hər hansı bir hüquqi tənzimləmə bu məcəllədə artıq qüvvədə olan qanunvericilik aktlarında verilmiş müddəalardan fərqli şəkildə yazılmasın. Əks təqdirdə bu, gələcəkdə ciddi anlaşılmazlıqlara gətirib çıxara bilər.
Digər bir təklif yekun müddəalarla bağlıdır. Bu müddəalar məcəllənin mətnində deyil, onu təsdiq edən qanunun mətnində verilməlidir.
Hörmətli cənab Sədr, fikrimi yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, məcəllə çox vacib sənəddir və biz onu qəbul etməliyik. Lakin ayrı-ayrı maddələr işçi qrup tərəfindən çox ciddi təkmilləşdirilməlidir. Xüsusilə baxmaq lazımdır ki, əsas müddəalar Avropa mənzil hüququ və digər qonşu dövlətlərin qanunları ilə uzlaşdırılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nəzərinizə çatdırım ki, bu qanun layihəsinin müzakirəsində Ali Məhkəmənin üzvləri Əsəd Mirzəliyev və Ələsgər Əliyev iştirak edirlər. Suallar olsa, yəqin ki, onlar da cavab verərlər. Fazil Mustafa.
F. Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məsələ ilə bağlı dörd daimi komissiyanın iclasında biz fikirlərimizi çatdırmışıq və bir sıra məsələlərdə bu, nəzərə alınıbdır. Ona görə əvvəlcədən təşəkkür edirəm. Amma həm nəzərə alınmayan məsələlər, həm də yeni mövqelər olduğuna görə burada çıxış etməyi zəruri hesab etdim.
Birinci növbədə mən “Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri” adlı 23-cü maddədə verilmiş müddəaya münasibət bildirmək istəyirəm. Burada göstərilir ki, yaşayış sahəsinin yenidən qurulması mühəndis şəbəkələrinin, sanitar-texniki, elektrik və digər avadanlığın quraşdırılması, əvəz edilməsi və ya yerinin dəyişdirilməsindən ibarətdir. 24-cü maddədə isə deyilir ki, bu işlərin yerinə yetirilməsi üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmalıdır. Ümumiyyətlə, anlaşılmır, elektrik və ya digər avadanlığın quraşdırılması üçün icazə alınmasına nə ehtiyac var? Mülkiyyətçi yaşayış sahəsini yenidən qurmaqla qonşuların, yaxud üçüncü şəxslərin marağına toxunarsa və onlar tərəfindən şikayət olarsa, onda bu məsələyə mülki iddia qaydasında və ya inzibati qaydada baxıla bilər. Amma evdə adi bir dəyişiklik etmək üçün xüsusi icazə alınması hər hansı bir şəxsə ciddi problemlər yaradacaqdır. Məncə, burada yenidən planlaşdırma ilə bağlı, həqiqətən də, konfiqurasiyanın dəyişdirilməsindən söhbət gedirsə, bunun üçün icazə almaq olar. Çünki yenidən tikilir, artırılır, yaxud da forması dəyişdirilir. Amma mənzildə sanitar-texniki, elektrik və ya digər avadanlığın yerinin dəyişdirilməsi üçün icazə alınmasının süründürməçiliyə və bürokratiyaya yol açacağını və vətəndaşın hüququnun pozulmasına təsir göstərəcəyini indidən proqnozlaşdırmaq olar.
31-ci maddə çox mütərəqqi bir maddədir. Amma Konstitusiyanın 29-cu maddəsindən bir müddəa olduğu kimi bura salınmalıdır. O müddəa belədir: “Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Artıq dövlət orqanı bilməlidir ki, kiminsə mənzilinin altındakı torpaq sahəsini özgəninkiləşdirirsə, öncədən o torpaq sahəsinin üzərindəki mənzilin pulunu ödəməlidir. Çünki indiyə qədər çox tikililərdə vətəndaşların mülkiyyət hüququ pozuldu və o vəsaitlər onlara ödənilmədi.
Digər tərəfdən, mən yataqxanalarla bağlı bir məsələ qaldırmışdım. “Xüsusi təyinatlı mənzil fondu” adlı dördüncü bölmədə yataqxanalara xüsusi yer ayrılır. Məcəlləyə yataqxanalarla bağlı ayrıca bir neçə maddə əlavə etmək lazımdır. 93.3-cü maddədə qeyd olunur ki, yataqxanalarda yaşayış sahələri mebel ilə və ya vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Məsələn, qaz əşya sayılırmı, yaxud maye qaz əşya sayılırmı, su əşya sayılırmı? Yataqxanada əsas çatışmayan nədir: qazdır, sudur. Zəruri bunlardır. Amma bunlar əşya kateqoriyasına daxil olmursa, həmin maddəyə “kommunal ehtiyaclar üçün zəruri olan bütün vasitələrlə” sözləri də əlavə olunmalıdır ki, yataqxanalarda yaşamaq mümkün olsun və insanlar yataqxanalarda yaşadıqları müddətdə bu sahədə öz hüquqlarını qoruya bilsinlər.
Mənzil hüququ ilə bağlı burada çox doğru qeyd olundu ki, gündəlik ictimai münasibətlərdə ortaya çıxan ən ciddi hüquq pozuntuları mənzil qanunvericiliyi sahəsində olur və bu məsələyə diqqət yetirmək lazımdır. Məhkəmələrin bu sahədə buraxdığı səhvlər kifayət qədərdir. Onlar bəzən də qərəzli şəkildə insanların mənzil hüququnun pozulmasına səbəb olan çox ciddi nöqsanlara yol verir, ədalətsiz qərarlar ortaya qoyurlar. Bunu aradan qaldırmaq üçün, məncə, dövlət orqanlarının, hüquq mühafizə orqanlarının, ədalət mühakiməsini həyata keçirən orqanların məsuliyyətinin artırılması vacibdir. Çünki diqqət edirsinizsə, ayrı-ayrı məhkəmələr bir mənzil üzərində qanuni hüququ bəlli olan adamların hüquqlarını kənara qoyub, başqa adamların xeyrinə qərar çıxarırlar. Adam var, illərlə məhkəmə çəkişmələri aparsa da, öz mənzil sahəsini əldə edə bilmir.
Digər tərəfdən, mənzil sahəsi olan insanların 15 ildən artıqdır ki, evlərinə qaçqın statusunda olan müəyyən insanlar giriblər. Yüzlərlə elm adamı, halal zəhmət adamı bu hüquqlardan məhrum olub və heç bir orqan da onların hüququnu qorumur. Əlbəttə, mən başa düşürəm ki, qaçqınların yerləşdirilməsi vacibdir. Amma elə qaçqın var ki, şəhərdə 4–5 evi olsa da, bir evi olmayan, kirayədə yaşayan insanın evini tutubdur. Ona görə də, məncə, bu kimi məsələlərdə nəzarət mexanizmi, məsuliyyət mexanizmi gücləndirilməlidir ki, vətəndaşların hüququnu səmərəli şəkildə qorumaq mümkün olsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil müəllim, Siz iradlarınızı hüquqi cəhətdən çox əsaslandırdınız, bunlara, yəqin ki, cavab verərlər. Amma mühəndis işləri barədə dediklərinizlə mən də bir az razı deyiləm. Deyirsiniz ki, sanitar qovşağının dəyişdirilməsi üçün icazəyə nə ehtiyac var. Sanitar qovşağını dəyişmək təkcə əlüzyuyan, ya unitaz dəyişmək deyil. Orada ana xətlər, bina üçün ümumi borular var. Mən hələ qaz xətlərini demirəm. Bunlarla bağlı işlər mütləq texniki təhlükəsizlik baxımından razılaşdırılmalıdır. Bunun başqa yolu yoxdur. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm. Hörmətli Sədr, mən konkret olaraq bir maddənin ətrafında danışacağam. Bu, məcəllənin 28-ci maddəsidir. Mənim indi qarşı olduğum məsələlər 27-ci maddədə də var idi və çox xoşagələn haldır ki, bu məsələlər 27-ci maddədən çıxarılıb.
Mən 28.1-ci maddəni hörmətli deputatların diqqətinə çatdırıram: “Mülkiyyətçi ona məxsus olan mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır”. Fazil bəy də bu məsələyə toxundu. 28.1-ci maddədəki əsaslı təmir anlayışı 23-cü maddənin 1-ci hissəsindəki əsaslı təmir anlayışı ilə ziddiyyət təşkil edir. Çünki burada yazılır ki, əsaslı təmir yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən mühəndis şəbəkələrinin, sanitar-texniki, elektrik və digər avadanlığın quraşdırılması, əvəz edilməsi və ya yerinin dəyişdirilməsindən ibarətdir. Ona görə də bu məcəllənin üzərində iş aparan bizim hörmətli həmkarlarımız bu məsələyə diqqət etsinlər və bu iki maddədəki anlayışların uzlaşdırılmasını təmin etsinlər.
Lakin mənim xüsusilə diqqətimi cəlb edən məsələ mənzilin və xüsusən çoxmənzilli yaşayış binasının qəza vəziyyətinə düşdükdən sonra müvafiq vəziyyətə gətirilməsi üçün, demək olar ki, bütün məsuliyyətin orada yaşayan şəxslərin üzərinə qoyulmasıdır. 28-ci maddənin 3-cü hissəsinə baxaq: “Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir”.
Təsəvvür edin ki, zəlzələ, qasırğa və ya hər hansı bir digər səbəbdən Fövqəladə Hallar Nazirliyi, məsələn, İçərişəhərdə və yaxud Bakının mərkəzində milyonlarla manat balans dəyəri olan və təmiri olduqca böyük maliyyə vəsaiti tələb edən binanın qəza vəziyyətində olması haqqında qərar çıxarır. Neftçilər prospektində və 28 May metrosunun ətrafında olduğu binalar kimi. İndi onlar, heç olmasa, insaflı hərəkət edirlər. Binanın təmir olunmasını və ya sökülməsini sakinlərin üzərinə qoymurlar, hətta onlara başqa yerlərdə mənzil də təklif edirlər. Amma bu məcəllə qəbul edildikdən sonra digər maddənin normasına görə, qəza vəziyyətinin düzəldilməsi, o cümlədən, lazım gələrsə, binanın sökülməsi də həmin binada yaşayan vətəndaşların boynuna qoyulacaqdır. Bu, olduqca əcaib, antihumanist və mümkün olmayan bir məsələdir. Mən çox xahiş edərdim ki, qanun layihəsinin müəllifləri bu məsələyə aydınlıq gətirsinlər.
Hələ görün 28.4-cü maddədə nə deyilir: “Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə, dərhal tələb olunan təmirdən imtina etdikdə qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır”. Bunun nə demək olduğu, nəyə səbəb olacağı izah edilməlidir. Çünki Bakı şəhərində aparılmış tədqiqatlar göstərir ki, məsələn, İçərişəhərdə mənzillərin, demək olar ki, yarısından çoxu qəza vəziyyətindədir. Məsələn, hörmətli deputatımız Nəsib bəyin Montində yaşadığı bina da qəza vəziyyətindədir. Yəni faktiki olaraq Bakıda qəza vəziyyətində olmayan çox az bina vardır. Bunlar mikrorayonlardakı binalar, yaxud yeni tikilmiş binalardır. Ona görə də bir daha təkrar edirəm, bunun hansı məqsədlə edildiyi və nəyə səbəb olacağı həm deputatlara, həm də ictimaiyyətə açıqlanmalıdır. Burada bir müddəa da artıq məntiqi cəhətdən bu məsələni tamamlayır. 28.6-cı maddədə göstərilir ki, həmin mənzil və ya bina açıq hərracda satılmadıqda dövlət tərəfindən alınmalıdır.
Hörmətli deputatlar, mənim yalnız bir maddənin üzərində dayanmağım bununla bağlı idi. Mən hesab edirəm ki, 28-ci maddənin 1-ci hissəsi çıxarılmalıdır. Çünki həmin hissə müəyyən oliqarxların və yaxud məmurların varlanmaq məqsədilə vətəndaşların hüquq və azadlıqlarını, konkret halda isə yaşadıqları mənzili onların əlindən almasına xidmət edə bilər. Bunun qarşısını almaq bizim hamımızın borcudur. Çünki biz hamımız heç də həmişə deputat olmayacağıq və heç kəs də həmişə məmur olmayacaq. Bu qanunlar həm də buradakıların hər birinin yaxınlarının, övladlarının, nəvələrinin əleyhinə işləyə bilər. Mən bu məsələyə diqqət yetirməyinizi xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Amma Pənah bəy, Siz özünüz də çıxışınızda ziddiyyətlərə yol verdiniz. Deyirsiniz ki, bahalı binalarda yaşayanlar onları təmir edə bilməyəcəklər. Bahalı binalarda yaşayanlar da “bahalı” adamlardır, elədirmi? Yəni belə binalarda mənzil və ya bina mülkiyyətçiləri yaşayış sahələrini baha qiymətə alıb özəlləşdiriblər. Bu bir.
İkinci bиr məsələ. Binadır, qəzalı vəziyyətdədir. Binada 40 ailə yaşayır. Yaxşı, dünyanın hər yerində belə binalar idarəetməyə verilir. Bunlarda da kooperativlərdəki kimi aylıq pullar yığılmalıdır. Bunlar öz binalarını yüksək vəziyyətdə saxlamalı, lazım gəldikdə təmir etməlidirlər. Bu işlər başlı-başına buraxıla bilməz. İqtidarın təklif etdiyi hər şeyin arxasında nəsə mənfi bir şey görmək Sizin şakərinizdir. Nə deyirsiniz, indi insanlar qəzalı binada yaşamalıdırlar? Əgər bina özəlləşdirilibsə, artıq dövlətə aid deyilsə, o binada yaşayanlar onun təmiri haqqında fikirləşməməlidirlər?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. O Sizin sözünüzdür. Harada yüz minlərcə insan qəzalı vəziyyətdə olan binalarda yaşayır? Ekspertiza da elə bir nəticə çıxarmayıb. Sən deyirsən ki, köhnə binalar qəzalı vəziyyətdədir. Halbuki zəlzələ olanda mikrorayonlarda 30 il qabaq hətta paneldən tikilmiş binaların heç birində bir dənə çat olmadı, amma onlardan xeyli sonra tikilmiş bəzi binalarda çatlar yarandı.
Yəni mənim etirazım yoxdur, bunlara aydınlıq gətirərlər. Ancaq hər şeyin arxasında xalqa qarşı nəsə görmək düzgün yanaşma deyil. Burada bizim hüquqşünaslar var, yəqin, bu məsələlərə aydınlıq gətirərlər. Mən hesab edirəm ki, hər hansı bir özəlləşmiş bina varsa, o binanı idarə edənlər olmalıdır. O binanın mülkiyyətçiləri tərəfindən müəyyən miqdarda aylıq pullar yığılmalı və lazım gəldikdə onun cari təmiri, əsaslı təmiri aparılmalıdır. Bunsuz o binaların hamısı, əlbəttə, 10 il sonra qəzalı vəziyyətdə olacaq. Bəs qəzalı vəziyyətdə olan binalar özəlləşibsə, onların təmiri üçün dövlət pul verməlidir? Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu vaxta qədər Mülki Məcəllədə, o cümlədən “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunda müəyyən müddəalar öz əksini tapsa da, hazırda cəmiyyət arasında, məhkəmələrdə mənzillərlə əlaqədar çoxlu mübahisəli mülki məsələlər var. Ona görə də bu məcəllənin qəbul edilməsi çox böyük əhəmiyyət kəsb edir. Vaxtın azlığını nəzərə alaraq, mən konkret maddələr barədə deyəcəyəm.
Komissiyanın iclasında mən mənzil hüququnun həyata keçirilməsi üçün əhalinin müxtəlif sosial təbəqələrinin güzəştli ipoteka krediti ilə təmin edilməsi barədə 4.1.7-ci maddədə gənc ailələrlə yanaşı hərbçiləri də nəzərə almağı xahiş etmişdim.
“Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüquqları” adlı 14-cü maddənin 3-cü hissəsində yazılıb: “Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir”. Mən komissiyanın iclasında sual verdim ki, bəs bu vaxta qədər yaşayış sahələrində tikilmiş çörək sexlərinin və sair obyektlərin aqibəti necə olacaq. Çünki belə sənaye obyektləri bu gün də yaşayış evlərinin həyətlərində tikilib istifadəyə verilir. Bunu da nəzərə almaq lazımdır.
Komissiyanın iclasında ən çox mübahisə doğuran məsələlərdən biri 20-ci maddə ilə əlaqədar oldu. Burada, 20.3-cü maddədə göstərilir ki, çoxmənzilli binalarda birinci mərtəbədən başqa ikinci, üçüncü mərtəbələrdə də yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilir; o şərtlə ki, qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahə yaşayış sahəsi olmasın. Amma mən belə hesab edirəm ki, Azərbaycanda artıq müəyyən qədər ofis binaları tikilib və zirzəmilərlə birinci mərtəbələr sahibkarlıqla məşğul olmaq üçün bəs edir. Nəyə görə ikinci, üçüncü, dördüncü mərtəbələrdə yaşayan insanların hüquqları qonşuluqdakı mənzilin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə pozulmalıdır? Əgər biz sahibkarın hüququnu müdafiə ediriksə, o binada yaşayan mənzil sahiblərinin də hüququnu müdafiə etməliyik. Mən belə hesab edirəm ki, 20.3-cü maddədə zirzəmi və birinci mərtəbələr istisna olmaqla, digər mərtəbələrlə bağlı müddəanı ləğv etmək lazımdır. Çünki bununla əlaqədar olaraq çoxlu şikayətlər, nigarançılıqlar var.
28-ci maddə ilə əlaqədar. Oqtay müəllim, Siz qəza vəziyyətində olan binalarla əlaqədar fikrinizi artıq bildirdiniz. Biz başa düşürük, qəza vəziyyətində olan binalarda yaşamaq olmaz. Amma elə insanlar var ki, misal üçün, ayda 75 manat pensiya alır, özünü zorla dolandırır. Təbii ki, mənzili və ya binanı təmir etməyə onun imkanı yoxdur. Məhkəmə isə qərar çıxarır ki, yox, sən mənzili boşaltmalısan, bu mənzil təmir olunmalıdır. Məncə, bunu da nəzərə almaq, 28.4-cü maddəni bir balaca yumşaltmaq lazımdır ki, sonradan o, ciddi narazılığa səbəb olmasın. Amma ümumi götürəndə, əlbəttə, qəza vəziyyətində olan binalar təmir olunmalıdır.
Komissiyanın iclasında biz 31-ci maddə ilə əlaqədar ciddi iradlarımızı bildirdik. 31.4-cü maddədə göstərilir ki, yaşayış sahəsinin satın alınması barədə qərar qəbul etmiş orqan həmin sahənin satın alınmasından ən azı bir il qabaqcadan yaşayış sahəsinin mülkiyyətçisinə ona məxsus olan yaşayış sahəsinin satın alınması barədə qərarı verir. Amma 31.9-cu maddədə deyilir ki, yaşayış sahəsinin dövlət ehtiyacları üçün satın alınması barədə məhkəmədə iddia yaşayış sahəsinin mülkiyyətçisinə bu məcəllənin 31.4-cü maddəsində göstərilən məlumatın göndərildiyi andan iki il müddətində qaldırıla bilər. Mən elə düşünürəm ki, iki il çox böyük müddətdir. Yəni dövlətə lazım olan ərazini götürmək üçün 6 ay, 3 ay, bəlkə 10 gün də bəsdir. Daha bu insanı 2 il intizarda saxlamaq nə üçündür? Ona görə də mən Əli müəllimdən xahiş edərdim ki, bu müddətə baxılsın. Özü də hər konkret şəraitlə bağlı konkret müddət müəyyən oluna bilər. Deyək ki, 3 ay, 1 ay, 10 gün və sair.
Layihədə ən ciddi məsələlərdən biri də yataqxanalarla əlaqədardır. Burada bayaq bununla bağlı məsələ qaldırdılar. Bilirsiniz, əksəriyyətimiz rayondan gəlmiş insanlarıq, bu həyatı keçmişik. Yataqxanaların bugünkü statusu, mən deyərdim ki, heç kimi qane etmir. Ona görə komissiyanın iclasında da təklif olundu ki, buraya yataqxanalarla əlaqədar bir bənd əlavə olunsun. Ümumi götürəndə, mən belə hesab edirəm ki, məcəllə çox vacibdir və ona səs verəcəyəm, həmkarlarımı da səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun, cənab Sədr. Mən vaxtın azlığını nəzərə alaraq birbaşa əlavələrə və təkliflərə keçmək istəyirəm. Layihədə əks olunmuş 1.1-ci, 10.1.5-ci, 20.2-ci və digər maddələr anlaşılmazdır. Məsələn, 1.1-ci maddə bir cümlədən ibarət olsa da, həddindən artıq uzundur. Bu cümlədə 3 dəfə “zəruriliyinə”, 2 dəfə “mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlər”, 2 dəfə “həyata keçirilməsi” sözləri işlənilir ki, bu da maddənin məzmununun anlaşılmasına mane olur. 22-ci maddənin isə aşağıdakı kimi yazılması daha düzgün və anlaşıqlı olardı: “22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə aşağıdakı hallarda yol verilmir”. Bundan sonra 22-ci maddənin göstərilən hallarını burada sadalamaq olar.
10.1.16-cı maddədə “ödənilməsi” sözü “təmin edilməsi” sözləri ilə əvəz edilsin. 11.1.2-ci maddədə “vətəndaşların” sözündən əvvəl “bu məcəllənin tələblərinə uyğun olaraq” sözləri əlavə edilsin. Eyni sözlərin təkrarlanmaması üçün 21.5-ci maddədə “göstərilən qərarlardan birinin” sözləri “həmin qərarın” sözləri ilə, “həmin” sözü isə “bu” sözü ilə əvəz edilsin.
Layihənin 9.2.3 və 9.2.4-cü maddələri tamamilə yenidən işlənməlidir. 9.2.3-də oxuyuruq: “...dövlət orqanlarının və ya bələdiyyələrin normativ hüquqi aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və ya qismən dayandırılması”. Birincisi, buradan belə başa düşmək olur ki, bələdiyyənin qəbul etdiyi qərar normativ hüquqi aktdır. Bu isə “Normativ hüquqi aktlar haqqında” Qanunun 3-cü maddəsinə ziddir. Orada göstərilir ki, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qərarları normativ xarakterli aktlardır.
İkincisi, 9.2.3-cü maddədən belə nəticə çıxarmaq olar ki, normativ aktlar normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Bu da Azərbaycan Konstitusiyasına və “Normativ hüquqi aktlar haqqında” Qanuna ziddir. Digər tərəfdən, Mülki Məcəllənin 19-cu maddəsində göstərilir ki, dövlət hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanlarının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və hüquqi şəxslərin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktları məhkəmə tərəfindən etibarsız sayıla bilər. Buradan görünür ki, məhkəmə yalnız qeyri-normativ aktların qüvvəsinin dayandırılması və habelə tətbiq edilməsi barədə qərar verə bilər. Normativ hüquqi aktların bir-birinə uyğunluğunu müəyyən etmək isə Konstitusiyanın 130-cu maddəsinə əsasən Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Onu da bildirirəm ki, heç də bütün dövlət orqanları, o cümlədən qeyri-icra orqanları və mərkəzi icra orqanlarının yerli şöbələri normativ hüquqi aktlar qəbul etmək iqtidarında deyillər. Bu mənada “dövlət orqanlarının və bələdiyyələrin normativ hüquqi aktları” sözləri başqa formada yazılmalıdır. Bu səbəbdən 9.2.3-cü və 9.2.4-cü maddələr əsaslı şəkildə yenidən işlənməlidir.
10.1-ci maddədən “dövlət” sözü çıxarılmalıdır. Çünki ölkə üzrə dövlət mülkiyyəti ilə yanaşı, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan mənzil fondları da fəaliyyət göstərir. Bundan başqa, bu gün qüvvədə olan Mənzil Məcəlləsinin 158-ci maddəsində yaşayış sahəsində kommunal xidmətlərə görə müəyyən hallarda vətəndaşlara bələdiyyələr tərəfindən subsidiyaların verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu, müvafiq icra orqanının və bələdiyyənin imkanı xaricindədir və həmin maddənin mövcud reallıq nəzərə alınaraq yenidən işlənməsinə ehtiyac vardır. Yaxşı olar ki, bu maddədə mənzili təmir etmək üçün maliyyə çətinliyi olan mülkiyyətçilərə bələdiyyələrin büdcəsindən aşağı faizlə və yaxud faizsiz kreditlərin verilməsi nəzərdə tutulsun.
Bütövlükdə mən bu qanun layihəsini dəstəkləyirəm və ona səs verməyi həmkarlarımdan xahiş edirəm.
Sədrlik edən. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm. Məndən əvvəl çıxış edənlər dedilər ki, bu layihə çox gərəkli sənəddir. Amma mənə elə gəlir ki, xeyli dərəcədə gecikmiş bir sənəddir. Kaş ki, bu sənəd 4–5 il bundan əvvəl hazırlanaydı. Nəinki keçmişdən, sovet dövründən qalan problemlər var, eyni zamanda, yeni tikinti bumu yeni problemlər yaratdığından mənzil sahəsində vəziyyət çox mürəkkəbləşib.
Mən köhnə problemlərdən, birinci növbədə ailəvi yataqxanalardan danışmaq istəyirəm. Bu, məcəllənin dördüncü bölməsində tənzimlənən məsələlər sırasına daxildir. Ailəvi yataqxanalar bu günümüzə sovet dövrünün ən iyrənc qalıqlarından biri kimi gəlib çatıb. Sovet dövründə ailəvi yataqxanaları müvəqqəti yaşayış yeri kimi təsəvvür edirdilər. Amma görün üstündən nə qədər keçib. Orada vəziyyət çox pisdir. Mənim təmsil etdiyim Xətai rayonunda, Bakının başqa rayonlarında, Sumqayıtda, güman ki, başqa şəhərlərdə də ailəvi yataqxanalar qalmaqdadır. Hamısında vəziyyət bərbad haldadır.
Maddə 104-də deyilir ki, yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin 6 kvadratmetrdən az olmaması şərti ilə verilir. Halbuki bu şərtə artıq heç yerdə əməl edilmir. 16–20 kvadratmetrlik mənzillərdə 10–15 il, bəzən daha uzun müddət 5–6 üzvü olan ailə yaşayır.
Kommunal problemlərin kəskinliyini görmədən təsəvvür etmək mümkün deyil. Bu tipli yaşayış sahələrində ümumi və bərbad mətbəx, ümumi və bərbad, – üzr istəyirəm, – ayaqyolu, ümumi və bərbad dəhliz və sair kəskin sosial problemlər yaradır. Bu problemlər neft gəlirlərinin yüksək olduğu indiki neft bumu mərhələsində də həll edilməyib, nə vaxt həll ediləcək? İndiki sənəddə də bu problemin həllinin vacibliyi göstərilməsə, hansı sənəddə göstəriləcək? Mənə elə gəlir ki, dördüncü bölmədə bu barədə xüsusi bir maddə olsa, çox yaxşı olar.
Növbəti məsələ, ola bilsin ki, digər qanunların predmetinə də uyğun gəlir. Bu da normal yaşayış standartlarının ilkin şərtlərindən biri – mənzillərin ətrafındakı vəziyyət, yəni həyət-bacanın kifayət etməməsidir. Son 4–5 ildə tikilmiş çoxmərtəbəli binaların heç birinin həyəti sovet dövründən miras qalmış standartlara uyğun deyil. Bu həyətlərdə uşaqların oynaması, sakinlərin dincəlməsi üçün yer yoxdur. Ən dəhşətlisi odur ki, maşınların dayanacağı olmadığından və ya son dərəcə az olduğundan həyətlərə girmək mümkün deyil. Fövqəladə Hallar Nazirliyi yanğın maşınlarının girməsi üçün həyətlərin boş saxlanması tələbini qoyur. Amma bu tələbə əməl etmək mümkün deyil və mənə elə gəlir ki, mümkün olmayacaq. Çünki 18–20 mərtəbəli evin yalnız bir mərtəbədən ibarət məhdud ölçülü qaraj sahəsi var. Bu qədər maşını belə qarajda saxlamaq mümkün deyil. Bir problem də bu qarajların az qala evin qiymətindən daha baha qiymətə satılmasıdır. Halbuki normal ölkələrdə qaraj evin ayrılmaz atributu sayılır.
Müzakirə etdiyimiz məcəllədə torpaq sahəsinin yalnız məhdud bir hissəsinin yaşayış binasının tikintisi üçün istifadə edilməsinə icazə verilməsi barədə imperativ maddənin olması, məncə, zəruridir. Məndə olan məlumata görə, İstanbulda bu rəqəm yalnız 20 faizdir. Yəni alınmış torpaq sahəsinin yalnız 20 faizi bilavasitə yaşayış evinin tikintisi üçün istifadə edilə bilər. Qalan 80 faizi köməkçi tikililər, bağ-bağça, avtomobil dayanacağı və sair üçün istifadə olunur.
Yeni tikilən evlərin daha bir problemi haqqında danışmaq istərdim. Mənim yaşadığım və tanıdığım ölkələrin heç birində fantastik qiymətə yarımçıq ev satılmır. Mənzil alandan sonra adına təmir dediyimiz tikintinin başa çatdırılması işi başlanır. Yəni görünməmiş baha qiymətə yarımfabrikat məhsul satılır.
Qanun layihəsində çoxlu anlaşılmaz ifadə və cümlələr var. Məndən əvvəl çıxış eləyənlər misal gətirdilər. Çoxlu üslub səhvlərinə rast gəlmək olur. Məsələn, 13.3-cü maddədə oxuyuruq: “Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar...”. Burada “yaşama” aydın deyil, nə deməkdir? 14.2-ci maddədə “istifadəsinə yol verilir o şərtlə ki,” ifadəsi ruscadan hərfi tərcümədir, özü də “o şərtlə ki” sözləri ilə düzələn bu cür ifadələr bir neçə yerdə var. Bunlar bizim ana dilimizə tamamilə yaddır. 20.4-cü maddədə “mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü olduqda” ifadəsi mənim üçün anlaşıqlı deyil. Məcəllədə Elton müəllimin dediyi kimi, “Ümumi anlayışlar” maddəsi olsa, yəqin ki, orada müəyyən terminlərin izahını vermək olar. Amma “yüklü olduqda” ifadəsi, həqiqətən, anlaşılmır. Maddə 48.1-də və başqa maddələrdə işlənmiş “yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara” ifadəsi də, yəqin ki, düzəldilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Baba Tağıyev, buyurun.
B. Tağıyev. Cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan qanun layihəsi çox vacib və önəmlidir. Məndən əvvəl çıxış edən hörmətli millət vəkili Vahid Əhmədov çox mühüm məsələyə toxundu. Mən də eyni məsələ barədə çıxış etmək, konkret təkliflərimi vermək istərdim.
31-ci maddənin 5-ci hissəsində göstərilir ki, satınalma barədə qərar dövlət qeydiyyatına alındığı andan yaşayış sahəsinin satın alınması haqqında razılaşma əldə edilənə və ya məhkəmə tərəfindən qərar qəbul edilənədək mülkiyyətçi yaşayış sahəsinə sahiblik etmək, ondan istifadə etmək, öz mülahizəsi ilə barəsində sərəncam vermək hüququna malikdir. Bununla bağlı olaraq bildirirəm ki, mülkiyyətçinin satınalmaya məruz qalan yaşayış sahəsi üzərində öz mülahizəsi ilə sərəncam verməsi, yəni həmin sahənin başqa şəxsə satılması, bağışlanması, dəyişdirilməsi məcburi satınalma sahəsində problemlər yaradacaq. Çünki bu dəfə də gərək yeni mülkiyyətçiyə bir illik möhlət tətbiq edilsin. Əks halda onun hüquqları pozulacaq. O deyəcək ki, mənə də bir il əvvəldən xəbərdarlıq edilsin. Bu, bir növ yersiz mübahisələr yaradacaq. Ona görə də təklif edirəm ki, ya məcburi satınalma həyata keçirilən zaman mülkiyyətçi həmin müddətdə yaşayış sahəsi üzərində sərəncam vermək hüququndan məhrum edilsin, ya da dövlətin, yəni müvafiq icra hakimiyyəti orqanının satınalmada üstünlük hüququ tətbiq edilsin.
Bu maddədə dövlətin, yəni müvafiq icra hakimiyyəti orqanının satınalmada üstünlük hüququnun göstərilməsi mülki qanunvericiliyə də uyğundur. Belə ki, Mülki Məcəllədə göstərilir ki, satınalmada üstünlük hüququ qanunla müəyyən edilə bilər. Odur ki, 31-ci maddədə ya 5-ci bənddən “öz mülahizəsi ilə barəsində sərəncam vermək” sözlərini çıxarmalıyıq, ya da dövlətin satınalmada üstünlük hüququnu təsbit etməliyik. Əks halda dövlət əhəmiyyətli obyektlərin tikintisi aylarla, illərlə, bəzən də daha çox uzana bilər.
Bundan başqa, demək istəyərdim ki, qanun layihəsi kifayət qədər layiqli hazırlanıb, mən də bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış üçün yazılanlardan 10 nəfər qalıb. Ona görə bu müzakirəni ya gələn iclasda davam etdirməliyik, ya da məsələyə münasibət bildirməliyik. Nə təklif edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, gələn iclasa qalsın. Onda Əli Məsimliyə söz verək, bununla da yekunlaşdıraq.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Müzakirə olunan məcəllə qəbulu çoxdan vacib olan bir məcəllədir. Ona görə hər şeydən əvvəl bu məcəlləni hazırlayanlara təşəkkür edirəm. Eyni zamanda, müzakirə məcəllənin təkmilləşdirilməsi üçündür. Ona görə də bir sıra məqamlara münasibət bildirmək istəyirəm.
Əvvəlcə 31-ci maddə ilə bağlı həm qanunvericilikdə, həm də bilavasitə praktikada olan bir sıra çatışmazlıqları qeyd eləmək istəyirəm. Dövlət ehtiyacları üçün satın alınan torpaq sahələrinin əvəzinin ödənilməsində müəyyən problemlər var. Burada problemin biri satın alınan torpaq sahəsinin haqqının ədalətlə ödənilməməsi məsələsidir. Xüsusən sahibkarlar kifayət qədər vəsait tökürlər, amma birdən, necə deyərlər, plana düşür və həmin sahə onun əlindən çıxır və beləliklə də, həddən artıq ziyana düşməklə bankrot olurlar. Burada süründürməçilik də özünü göstərir. Həmin haqq vaxtında verilmədiyinə görə sonradan, pul qiymətdən düşəndən sonra o vəsaitə heç nə almaq olmur. Ona görə də praktikada rast gəlinən bu cür çatışmazlıqların aradan qaldırılması üçün 31-ci maddədə konkret düzəlişlərin edilməsini vacib hesab edirəm.
Layihənin müzakirəsində 28-ci maddə, yəni qəza vəziyyətində olan mənzillərin yenidən qurulması ilə bağlı xeyli mübahisəli məqamlar yarandı. Hesab edirəm, burada söhbət əgər xüsusi mülkiyyətdən gedirsə, onun haqqı bütövlükdə ödənilməlidir. Əgər bu obyektin qəza vəziyyətinə düşməsi obyektiv səbəblərlə bağlıdırsa, onun təmiri dövlətin üzərinə qoyulmalı, yox, əgər təbii aşınma prosesində əmələ gəlibsə, bunu sığorta mexanizmi, burada Oqtay müəllimin səsləndirdiyi kimi, təmirlə bağlı vəsaitlərin sistem şəklində toplanıb, cari və əsaslı təmirlərə yönəldilməsi və ipoteka kreditləri vasitəsilə həll eləmək olar. Ona görə ki, istənilən mənzillər ən uzağı 20–30 ildən sonra belə vəziyyətə düşəcək və hesab edirəm ki, sadaladığım mexanizmlər vasitəsilə vəziyyəti kifayət qədər yumşaltmağa imkan var.
Növbəti məsələ sovet dövrünün kooperativ problemlərinin həlli ilə bağlıdır. Oqtay müəllim, bu problemlər indi də qalıb. Əgər biz məcəllə qəbul ediriksə, bu, heç olmasa, 10 il, 20 il qabağı nəzərə almaqla, bu problemləri nəzərə almaqla qəbul olunan bir məcəllə olmalıdır. Onsuz da gecikib, gecikibsə, deməli, qabağı nəzərə alan bir məcəllə olmalıdır. Bu gün də bu problemlər var. Həmin o kooperativlərlə bağlı bazar qiymətlərindən çox aşağı məbləğdə təkliflər olunur. Bu da problemlər yaradır. Hesab edirəm ki, bu məsələ məcəllədə açıq qalıb. Vaxt az olduğuna görə geniş demirəm, amma hesab edirəm ki, bu açıq məsələ mütləq həll olunmalıdır.
Bir məsələni də deyim. İndi bütün dünyanı bürümüş iqtisadi böhranla, maliyyə böhranı ilə əlaqədar olaraq mənzil bazarında problemlər yaranıb. Burada əhali üçün mənzil tikintisinin maraqlı bir mexanizmini qurmaq olar və dövlət də bu prosesdə iştirak edə bilər. Hesab edirəm ki, bunun Mənzil Məcəlləsində nəzərə alınması həm paytaxtımız, həm də regionlarımız üçün çox əhəmiyyətli olardı. Nəhayət, onu da qeyd edim ki, məcəllənin dili həddən artıq mürəkkəb və qəlizdir. Əgər mənzildən söhbət gedirsə, bu hamının başa düşəcəyi bir dildə olmalıdır. Ona görə də düşünürəm ki, məcəllə Milli Məclisdə geniş müzakirədən sonra ictimai müzakirəyə də verilsə, bu həmin mürəkkəbliyin, qəlizliyin və anlaşılmaz məqamların aradan qaldırılması baxımından ümumi işin xeyrinə olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov öz çıxışının əvvəlində dedi ki, Mənzil Məcəlləsi hazırda parlamentdə müzakirədə olan Tikinti Məcəlləsi və Şəhərsalma Məcəlləsi ilə də müəyyən dərəcədə bağlıdır. Yəni bunlar hamısı uyğunlaşdırılmalıdır. Ona görə biz dedik ki, ümumi müzakirəyə çıxarılsın, imkan yaratdıq ki, bu layihənin müzakirəsi gələn iclasda davam etdirilsin. Bir də müzakirə eləyək ki, məcəllə daha da təkmil olsun.
Bu gün iclasımız sona çatdı. Gələn iclasımızda Mənzil Məcəlləsi layihəsinin müzakirəsini bu siyahı üzrə davam etdirəcəyik. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi