2009-ci il 24 fevral tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  105

Milli  Məclisin  iclas  salonu.
24  fevral  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Ə. Mirzəliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü.
Ə. Əliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü.

* * *

R. Qasımov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin Hərəkətin təşkili şöbəsinin rəisi.

* * *

A. Sofiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
V. Məmmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuşun davamı).
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Hərbi qulluqçuların intizam həbsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin layihəsi (ikinci oxunuşda).
2. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                               O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

24  fevral  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşəsiniz.
Hörmətli millət vəkilləri, 17 ildir ki, Azərbaycan xalqı onun qan yaddaşına tarixinin ən dəhşətli faciələrindən biri kimi həkk olunmuş Xocalı soyqırımını dərin hüznlə yad eləyir. Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Bildiyimiz kimi, 1994-cü ildə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmək haqqında qərar qəbul etmişdir. O dövrdən başlayaraq bütün Azərbaycan xalqı, onun ziyalıları, alimləri, eləcə də xarici ölkələrdə yaşayan soydaşlarımız Xocalı soyqırımı gününü qeyd edirlər. Dünyanın bir çox ölkələrində bu soyqırımı haqqında məlumatın beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində iş aparılır, yürüşlər, anma mərasimləri keçirilir. Qarşıdakı günlərdə parlamentarilərimiz bir çox dünya ölkələrində bizim diaspor ilə birlikdə Xocalı soyqırımının 17-ci ildönümünü qeyd edəcəklər. Bu gün Xocalı soyqırımı günü qarşısında son iclasımızdır. Mən xahiş edirəm, Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır). Allah rəhmət eləsin.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)

Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 6  
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Keçən həftə yarımçıq qalmış məsələnin müzakirəsini davam etdiririk. Ötən iclasda yazılanların siyahısı qüvvədədir. O siyahı üzrə birinci Astan Şahverdiyev idi. Buyurun, Astan müəllim.
A. Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Bildiyiniz kimi, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mənzil Məcəlləsi hələ sovetlər dövründə, yəni 1982-ci ildə qəbul edilmişdir. 2008-ci ildə “Hüquq ədəbiyyatı” nəşriyyatı tərəfindən yenidən çap olunmuş bu məcəllədə keçmiş dövrdən qalmış “Azərbaycan Sovet Sosialist Respublikası”, “SSRİ” və sair kimi sözlər vardır. Mən hesab edirəm ki, yeni Mənzil Məcəlləsi vaxtında müzakirəyə çıxarılıb və yəqin ki, bu gün ikinci oxunuşda qəbul olunacaq.
Çox yaxşı haldır ki, cənab Prezident artıq müasir dövrlə ayaqlaşmayan məcəlləni yenisi ilə əvəzləmək barədə qanunvericilik təşəbbüsü ilə çıxış etmişdir. Şübhəsiz ki, bu, lazımlı bir qanun layihəsidir. Məlumdur ki, indi ölkədə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan xeyli sayda vətəndaşımız var. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq barədə cənab Prezident tərəfindən onlarca qərar qəbul edilib.
Mən əhalisinin hamısını məcburi köçkünlər təşkil edən Cəbrayıl rayonundan deputat seçilmişəm. Sakinlərimiz arasında xeyli sayda müharibə veteranları və əlilləri vardır. Məndə olan məlumata görə, Qarabağ müharibəsi nəticəsində 11 minə yaxın vətəndaşımız əlil olub və onların əksəriyyətini məcburi köçkün olan həmvətənlərimiz təşkil edirlər. Məcburi köçkünlərin böyük hissəsi mənzillərlə, torpaq sahələri ilə təmin edilsə də, onlardan bir qisminin hələ də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı vardır. Bu insanlar bir an da fikirləşmədən Vətən uğrunda döyüşə atılmış və sağlamlıqlarını itirmişlər. Çox sağ olsun cənab Prezident, 2008-ci ilin sentyabr ayında bu təbəqədən olan vətəndaşlarımızın sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə birinci, ikinci və üçüncü qrup Qarabağ müharibəsi əlillərinə müvafiq olaraq doxsan, yetmiş və əlli manat məbləğində daimi pul təminatı təyin etdi.
Amma mənzil məsələsi daha mühüm məsələ olduğundan çox istərdim ki, bu təbəqədən olan vətəndaşlarımızın növbədənkənar mənzil almaq hüquqları ayrıca olaraq bu məcəllədə öz əksini tapsın. Ona görə təklif edirəm ki, qəbul etmək istədiyimiz Mənzil Məcəlləsinin 56-cı maddəsinə aşağıdakı redaksiyada 56.2.4-cü maddə əlavə edilsin: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşaraq əlil olmuş şəxslərə və şəhid ailələrinə”. Qanun layihəsini Azərbaycan Respublikasının Prezidenti təqdim etdiyi üçün Konstitusiyamızın 96-cı maddəsinin III hissəsinə görə bu qanuna dəyişiklik yalnız onun razılığı ilə edilə bilər. Ona görə də cənab Prezidentdən xahiş edirik ki, əgər mümkün hesab edirsə, qanuna yuxarıda deyilən əlavə edilsin. Mənə elə gəlir ki, bu, qanunu daha da əhatəli edər.
İkinci bir məsələyə toxunmaq istəyirəm, keçən dəfə burada hörmətli həmkarım Fazil müəllim qaçqın və məcburi köçkünlərin gəlib Bakı şəhərində, digər yerlərdə insanların mənzillərini zəbt eləməsi məsələsini qaldırdı. Fazil müəllim, Siz qeyd elədiniz ki, bəzi qaçqınların və məcburi köçkünlərin 3−4 mülkü var. Məncə, belələri varsa da, cüzi saydadır. Lakin nəzərə almaq lazımdır ki, qaçqınların sayı 1 milyona yaxındır. Onların əksəriyyəti bu gün də şəraitsiz vəziyyətdə yaşayır. Bu qaçqınlar və məcburi köçkünlər, əsasən, 1992−1993-cü illərdə Bakı şəhərinə və digər şəhərlərə gəlmiş insanlardır. Mən hesab edirəm ki, hər halda qaçqınlar bizim cəmiyyətin ən kövrək, zəif təbəqəsi olduğuna görə onlar haqqında ümumi şəkildə söz demək düzgün deyildir.
Bundan başqa, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə verdiyi müvafiq fərman və cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli, 298 saylı fərmanı da məcburi köçkünlərin yaşayış yeri ilə əlaqədar məsələləri tənzimləyir. Yəni qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdə mülkiyyət formasından asılı olmayaraq tutduqları yaşayış sahələrindən onları heç kəs çıxara bilməz. Gələcəkdə belə söhbətlərə ehtiyatla yanaşmaq lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Astan müəllim. Əhməd Vəliyev buyursun.
Ə. Vəliyev. Çox sağ olun, Oqtay müəllim. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi hazırkı dövrdə dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüquqlarının həyata keçirilməsi və mənzil münasibətlərinin tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Müzakirəyə çıxarılan layihədə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlər və bu münasibətlərdən irəli gələn mənzil hüquqları tam əhatə olunmuşdur. Bu məcəllənin qəbul edilməsi, düşünürəm ki, Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir. Məcəllənin layihəsində beynəlxalq təcrübədən də istifadə olunmuşdur.
Mən birinci oxunuşda da fikirlərimi bildirmişdim. İstərdim ki, həmin fikirləri bir daha təkrar edim. Çünki mənim təklifim ikinci oxunuş üçün aparılmış düzəlişlərdə öz əksini tapmamışdır. Bu, 31-ci maddə, yəni dövlət ehtiyacları üçün torpaq sahəsi alınarkən yaşayış sahəsi mülkiyyətçisinin mənzil hüquqlarının təmin edilməsi ilə bağlıdır. Keçən çıxışımda da qeyd etmişdim ki, dövlət ehtiyacları deyəndə ilk növbədə bunun predmeti məlum olmalı, yəni konkret bilinməlidir ki, söhbət nədən gedir. Mən hesab edirəm ki, bu gün şəhərsalmanın özü də dövlət ehtiyacı kimi qiymətləndirilməlidir. Çünki bu gün, bilirsiniz ki, bizim uçuq-sökük xarabalıqlarımız var. Onların yenidən tikilməsi, qurulması üçün əhali oradan köçürüləndə yaşayış sahəsinin satın alınmasından söhbət gedir. Fərqi yoxdur, istər fiziki şəxs tərəfindən alınsın, istərsə də hüquqi şəxs tərəfindən alınsın. Ona görə mən istərdim ki, 31-ci maddədə ancaq dövlət ehtiyacları üçün yox, ümumiyyətlə, mənzilin geri alınmasından söhbət getsin və orada zonalar üzrə qiymətləndirilmə intervalı müəyyənləşsin. Doğrudur, layihədə göstərilir ki, bütün məsələlər mənzil sahibi ilə dövlət arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Lakin mənzil sahibi müqavilə şərtləri ilə razılaşmayanda dövlət orqanı məhkəməyə müraciət edir. Halbuki əgər biz bu məcəllədə qiymətləndirmənin intervalını müəyyənləşdirsək, nə o yaşayış sahəsinin mülkiyyətçisi narazı qalar, nə də həmin sahəni alan sahibkar, dövlət və sair. Bunun nəzərə alınmasını xahiş edirəm.
21-ci maddədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsi qaydası öz əksini tapıb. Çox vaxt yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevrilərkən, − təbii ki, mən birinci mərtəbələr haqqında danışıram, yuxarı mərtəbələr barədə fikir demək istəmirəm, − qeyri-yaşayış sahəsinə çevrilən mənzilin pəncərəsindən küçəyə yol açılması məsələsi meydana çıxır. Birinci mərtəbədə yaşayış sahələrinin 90 faizi, bilirsiniz ki, küçənin səviyyəsindən bir metr, iki metr yuxarıda yerləşir. Qeyri-yaşayış sahəsinə çevrilən mənzilin döşəməsi küçə ilə bərabərdirsə, orada heç bir problem yoxdur. Lakin köhnədən tikilmiş binaların, bilirsiniz ki, səkiləri çox ensizdir. Belə binalarda yaşayış sahəsi qeyri-yaşayış sahəsinə çevriləndə, oradan qapı açılıb pilləkən qoyulanda bu pilləkənlər bütün səkini tutur. Bu isə əhalinin haqlı narazılığına səbəb olur, çünki yolla getmək çətinləşir. Bunun qarşısını almaq üçün bu maddədə belə bir müddəa öz əksini tapmalıdır ki, döşəməsinin səviyyəsi küçənin səviyyəsi ilə bərabər olmayan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilmir.
Mənim bir təklifim də yüksək mərtəbəli çoxmənzilli binalarla bağlıdır. Bilirsiniz ki, bu saat hörmətli Prezidentimiz tərəfindən idmana, təhsilə, uşaqların, körpələrin təlim-tərbiyəsinə çox diqqət yetirilir. Bu baxımdan biz yaşayış binalarının tikintisində də bu işlərə fikir verməliyik. Mənzil tikintisində müəyyən payçılar olur. Payçılara elə bir səlahiyyət verilməlidir ki, yeni yaşayış sahələri tikiləndə, yaxud artıq tikilmiş yaşayış massivlərində məktəbəqədər tərbiyə müəssisələrinin açılmasına fikir verilsin. Fikrimcə, bu, məcəllədə öz əksini tapmalıdır. Yeni Təhsil qanununda, bilirsiniz ki, məktəbəqədər təhsil müəssisələrinə çox fikir verilir, məktəbəqədər hazırlıqdan söhbət gedir. Ona görə hesab edirəm ki, bütün binaların altında ticarət kompleksləri və mərkəzlərinin inşa edilməsi düzgün deyildir. Çünki yüksək mərtəbəli binalarda saysız-hesabsız körpələr, məktəb yaşlı uşaqlar, yeniyetmə və gənclər yaşayırlar. Yaxşı olardı ki, onların təlim-tərbiyəsi üçün müvafiq obyektlərin inşası yeni binaların layihəsi təsdiq olunan zaman nəzərə alınsın və hazırda istismarda olan binaların da birinci mərtəbələrindən bu məqsədlə istifadə olunması ilə bağlı müəyyən fikirlər bildirilsin. Mən bu layihəyə təlim-tərbiyə müəssisələrinin açılması, eyni zamanda, məhəlli uşaq idman komplekslərinin tikilməsi istiqamətində müəyyən maddələrin salınmasını məqsədəmüvafiq hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət xanım buyursun.
M. İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli həmkarlarım! Bu gün bizim müzakirəmizə verilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, həqiqətən, çox mükəmməl hazırlanmış, geniş əhatəli bir qanun layihəsidir. Mən, təbii ki, bu məcəlləyə səs verəcəyəm və həmkarlarımı da onun qəbuluna səs verməyə çağırıram.
Amma mən də bu məcəllə ilə bağlı fikirlərimi, təkliflərimi söyləmək istərdim. Bu gün hamıya məlumdur ki, Azərbaycanda mənzil mülkiyyəti, mənzildən istifadə hüquqları sahəsində ciddi problemlər vardır. Təbii ki, mənzil və ya fərdi ev ailənin yaşaması üçün nəzərdə tutulur. Ailə isə qohumluq və digər münasibətlər əsasında birləşən və birgə təsərrüfatı idarə edən, bir büdcədən idarə olunan şəxslərin birliyi kimi başa düşülür. Normal münasibətlərin hökm sürdüyü ailədə mənzillə bağlı mübahisələr, çəkişmələr olmur. Lakin bu gün ən ciddi mənzil mübahisələri ailələrdə boşanma halları baş verərkən yaranır. Əvvəlki Mülki Məcəllənin 228-ci maddəsində boşanma hallarında mənzil mübahisələri ilə bağlı problem, demək olar ki, həllini tapır. Belə ki, ailədə qabaqcadan notariat qaydada razılaşma olarsa, məhkəmə mübahisələrində bu məsələ Mülki Məcəllənin 228.2-ci maddəsinə görə qismən də olsa tənzimlənir.
Bu gün hər kəsə məlumdur ki, məhkəmələrdə ciddi problemlər vardır. Məhkəmələrə boşanma zəminində meydana çıxan mənzil mübahisələri ilə bağlı müraciətlər çox olur. Təəssüf ki, məhkəmələr bu problemlərə bəzən öz maraqları baxımından yanaşırlar. Bu gün müzakirə etdiyimiz Mənzil Məcəlləsinin 29 və 30-cu maddələri ailədə mənzil mübahisəsi, boşanma halları zamanı mülkiyyət hüququ və yaxud mənzildən istifadə hüquqları ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirsə də, problem bu maddələrlə tam tənzimlənmir. Ona görə də təklif edirəm ki, Mənzil Məcəlləsi qəbul olunarkən, eyni zamanda, Ailə Məcəlləsində könüllü yox, məcburi nikah müqavilələrinin qəbul olunması təsbit edilsin. Burada mənim həmkarlarım da, yəqin ki, fikrimi təsdiqləyərlər. Bu gün mənim şəxsən özümün Ədliyyə Nazirliyindən və Dövlət Statistika Komitəsindən aldığım məlumata görə, ölkədə qanunsuz nikahla yaşayan ailələrin sayı qanuni nikahla yaşayanların sayından çoxdur. Bu da gələcəkdə ailə problemləri meydana çıxarkən ciddi mənzil mübahisələrinə səbəb olur. Təəssüf ki, Ailə Məcəlləsində nikah müqaviləsinin bağlanması könüllülük əsasında olduğundan bizim Azərbaycan mentalitetinə görə heç bir yeni qurulan ailə bu müqaviləni imzalamır. Bu isə gələcəkdə çox ciddi problemlərə səbəb olur. Ona görə sizdən çox xahiş eləyərdim ki, indi müzakirə etdiyimiz Mənzil Məcəlləsi qəbul olunana qədər Ailə Məcəlləsində də nikah kəsilənədək bu nikah müqaviləsinin məcburi qəbul olunması təsbit edilsin.
Hörmətli Oqtay müəllim, mən vaxtımın qalan hissəsindən istifadə edib bir məsələyə də toxunmaq istərdim. Bu gün, − yəqin, həmkarlarım da təsdiq edərlər, − bütün mətbuat səhifələrində, eləcə də elektron mətbuatında işıqlandırılan intihar hadisələri Azərbaycanda çox ciddi bir problem halını almaqdadır. Mən hüquq mühafizə orqanlarının bir çox peşəkar mütəxəssisləri, təmsilçiləri ilə danışmış və bu məsələnin kökü ilə maraqlanmışam. Onlar televiziya kanallarında, xüsusilə də gecə kanallarında ağır qətl hadisələrinin, eləcə də bu cür ağır cinayət hadisələrini özündə əks etdirən çox qorxulu filmlərin göstərilməsinin də buna böyük təsiri olduğunu deyirlər. Hüquq mühafizə orqanlarının əməkdaşları söyləyirlər ki, hətta sovet dövründə bu ağır cinayət hadisələri, ağır qətl hadisələri heç zaman televiziyada işıqlandırılmırdı. Aparılan araşdırmalar göstərir ki, yetkinlik və gənc yaşlarında özünü öldürənlərin bir çoxu kino qəhrəmanlarının etdiklərini sınaqdan keçirmək istəyərkən bu hadisə baş verir. Mən çox xahiş edərdim ki, televiziyanın ayrı-ayrı kanallarında hər gecə, demək olar ki, hər gün efirə çıxan kriminal hadisələrlə bağlı verilişlərin və filmlərin göstərilməsinə məhdudiyyət qoyulsun. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bu dediyiniz sözü qəbul elədik, işləyərik. Amma ondan qabaq dediniz ki, Azərbaycanda nikahda olanların sayı nikahsız ailə quranların sayından azdır. Bu, ağlabatan deyil. Mən buna inanmıram. Azərbaycanda belə statistika ola bilməz. Ərəstun Cavadov.
Ə. Cavadov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk növbədə onu bildirmək istəyirəm ki, bu gün ikinci oxunuşda müzakirəsi davam edən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi layihəsini mən də dəstəkləyirəm.
Həmin qanun layihəsinin bir neçə maddəsi ilə bağlı təkliflərimi diqqətinizə çatdırmaq istəyirəm. Məcəllənin 10-cu maddəsində mənzil münasibətləri sahəsində dövlətin vəzifələri sadalanmışdır. Həmin vəzifələr sırasına 10-cu maddənin 10.1.8 və 10.1.9-cu bəndlərində mənzil-tikinti kooperativlərinin və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin təşkili və fəaliyyət qaydalarını müəyyən edən vəzifələr də daxil edilmişdir. İstər mənzil-tikinti kooperativləri, istərsə də mənzil mülkiyyətçilərinin yaratdıqları müştərək cəmiyyətlər hüquqi şəxs statusu olan qurumlardır. Ona görə də hesab edirəm ki, bu növ hüquqi şəxslərin təşkili və fəaliyyəti Mənzil Məcəlləsi ilə deyil, Mülki Məcəllənin “Hüquqi şəxslər” adlanan 4-cü fəsli ilə tənzimlənməlidir.
Layihədə diqqəti çəkən məqamlardan biri də yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçməsi şərtlərini, qaydasını və bundan imtinanı tənzimləyən normalardır. Bu normaların verildiyi 20, 21 və 22-ci maddələri, hesab edirəm ki, ölkəmizdəki hazırkı real vəziyyət nəzərə alınaraq hazırlanmışdır. Lakin məcəllənin 21.4-cü maddəsində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi haqqında qərarın 30 gün ərzində qəbul edilməsi qeyd olunur. Eyni müddət yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılmasını tənzimləyən 24-cü maddənin 4-cü hissəsində də öz əksini tapmışdır. Hesab edirəm ki, gələcəkdə məcəllənin bu maddələri tətbiq edilərkən qərar qəbul edəcək müvafiq dövlət orqanı ilə vətəndaşlar arasında 30 gün müddətinin hesablanması ilə bağlı, yəni həmin 30 gün müddətinə qeyri-iş günlərinin daxil edilib-edilməməsi ilə əlaqədar mübahisələr yaranacaqdır. Ona görə də təklif edirəm ki, məcəllənin həmin maddələrində “30 gün” sözləri “30 iş günü” sözləri ilə əvəz edilsin.
Ümumilikdə isə hazırkı layihənin müddəaları ölkəmizdəki real mənzil münasibətlərinin vəziyyətini tənzimləməyə hesablanmışdır. Ona görə mən də bu qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Ərəstun müəllim. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Məlumdur ki, bu gün Azərbaycanda qüvvədə olan Mənzil Məcəlləsi sovet dövründə, 1983-cü ildə qəbul edildiyindən təkmilləşməyə çox ciddi ehtiyacı var idi. Qeyd edim ki, yeni məcəllənin layihəsi bugünkü tələblərə əsasən cavab verir. Eyni zamanda, əhalinin mənzil probleminin həlli üçün dövlət siyasəti elə qurulmalıdır ki, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması imkanları maksimuma qaldırılsın. Bu baxımdan Mənzil Məcəlləsinə edilən dəyişikliklər mənzil hüququnun qorunmasında irəliləyiş yarada biləcək. Əhalinin mülkiyyət hüququ ilə bağlı Mülki Məcəllə, Ailə Məcəlləsi, “Notariat haqqında” Qanun, reyestr haqqında qanunlar − ümumilikdə 20-yə yaxın qanun və məcəllə vardır. Onların bir çoxu, xüsusilə Mənzil Məcəlləsi bir-biri ilə uyğunlaşmırdı. Bundan da hər kəs öz bildiyi kimi istifadə edirdi və Mənzil Məcəlləsinə istinad edirdi ki, bu da insanlarda çaşqınlıq yaradırdı. Yeni variant isə müasir tələblərə uyğunlaşdırılıb. Ümumiyyətlə, məcəlləyə 100-dən artıq dəyişiklik edilib. Bu sənəd mənzil sahəsindəki hüquqi münasibətləri və vətəndaşların mənzil hüquqlarını tənzimləyəcək.
Mən bir məsələni xüsusi qeyd etmək istərdim. Burada mübahisə doğuran bəzi məsələlər var. Layihədə vətəndaşın mülkiyyət üzərində sərəncam vermək hüququ bir daha təsbit olunur. Yəni o istəsə, mənzilini qeyri-yaşayış sahəsi kimi icarəyə verə bilər, istəsə, ondan mənzil kimi istifadə edə bilər. Bütün hallarda bu, mülkiyyətçinin öz ixtiyarındadır. Lakin bütün bunlar kiminsə istirahətini pozmamalı, səhhətinə ziyan vurmamalıdır. Necə deyərlər, sənin azadlığının hüdudları mənim azadlığımın hüdudlarını keçməməlidir. Yaşayış binalarından biznes məqsədi üçün istifadə edilməsinə normal yanaşmaq lazımdır. Binanın birinci mərtəbəsində ticarət mərkəzi, bərbərxana, aptek fəaliyyət göstərərsə, bunun kimə nə ziyanı ola bilər?
Burada söhbət yaşayış binalarının yaxınlığında yerləşən gecə klublarının, restoranların, kafelərin fəaliyyətinin dayandırılmasından gedə bilər. Xüsusilə şadlıq evləri və restoranlarla bağlı ciddi tədbirlər görülməlidir. Biz nə üçün şadlıq evlərindən, restoranlardan ətrafa yayılan səs-küylü musiqini eşitməli, kabab iyini hiss etməli və bundan narahat olmalıyıq? Avropada bu kimi məsələlərə çox ciddi yanaşılır, restoranlarda xüsusi aparatlar quraşdırılır ki, səs-küy və yemək iyi ətrafa yayılmasın. Nazirlər Kabineti tərəfindən şadlıq evləri ilə bağlı xüsusi normativ ölçülər müəyyən edilib. Qanun kənara müəyyən hersdən artıq səs buraxılmasını qadağan edib. Mən xahiş edirəm ki, bu məsələlər bizim məcəllədə çox ciddi və sərt şəkildə əks etdirilsin.
Bu yaxınlarda qohumlardan birinin evinə getmişdim. Şadlıq evlərindən yayılan səs-küyə görə evdə bir-birimizin səsini eşitmirdik. Bu, insanların səhhətini və istirahətini pozmaqdır. Restoranın var, şadlıq evin var, lap yaxşı. Allah bundan böyüyünü qismət eləsin. Bunun üçün xüsusi avadanlıqlar, aparatlar var, ora qoy, səs-küyün, yemək iyinin qarşısını al. Dediyim odur ki, mənzillərdən bu cür istifadənin qarşısı alınmalı və bunlara müəyyən dərəcədə sərhəd qoyulmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Qənirə Paşayeva.
Q. Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Mən də həmkarlarımın qaldırdığı bir çox məsələləri dəstəkləməklə yanaşı bir neçə məsələyə toxunmaq istəyirəm.
Son zamanlar Bakıda sürətli tikinti işləri gedir, yaşayış binaları, mənzillər tikilir. Təbii ki, bu, müsbət tendensiyadır. Amma mənə elə gəlir ki, biz Mənzil Məcəlləsində bununla bağlı müəyyən məsələlərin tam tənzimlənməsinə çalışmalıyıq. Binalar var ki, insanlar artıq 3 ildir orada yaşayırlar. Amma bu binalara indiyə qədər qaz verilmir. Soruşanda ki, niyə verilmir, deyirlər, ona görə ki, bu bina təhvil verilməyib, bu bina normalara uyğun deyil, ona qaz verilməsi mümkün deyil, vaxtında icazə alınmayıb. Əgər bu bina tikilib, insanların istifadəsinə verilibsə, bu o deməkdir ki, binanın tikintisi tam başa çatıb. İnsanlar neçə ildir orada yaşayırlar, birdən məlum olur ki, bunun qaz sistemi normalara uyğun deyil və yaxud bu binaya qaz çəkilişi üçün vaxtında icazə alınmayıb, ona görə qaz verilməyəcək. Sonra bu problem dərinləşə-dərinləşə gedir, öz həllini tapmır və bundan insanlar əziyyət çəkirlər. Hansısa nöqsanlara yol verildiyinə, hansısa normalara riayət olunmadığına görə bu binada yaşayan insanlar öz evlərinin tam mülkiyyətçisinə də çevrilə bilmirlər. Ona görə də mənə elə gəlir ki, Mənzil Məcəlləsində biz bu məsələlərə xüsusi diqqət yetirməliyik. Məcəllədə göstərilməlidir ki, bu cür problemlərin meydana çıxmasına görə mənzil tikintisini həyata keçirən şəxslər və eyni zamanda, müvafiq dövlət qurumları qanun qarşısında məsuliyyət daşıyırlar.
Ziyafət müəllim, mən qalan vaxtımdan istifadə edib, mövzudan kənara çıxaraq burada bir məsələni də səsləndirmək istərdim. Bu məsələdə parlament rəhbərliyinin də dəstəyinə çox ehtiyac var.
Birigün Xocalı soyqırımının 17-ci ildönümüdür. Bizim üçün bu çox acı bir tarixdir. O da təbii haldır ki, bu gün ölkəmizdə Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində işlər daha da güclənir. Amma ermənilər Xocalıdan əvvəl, 1918-ci ildə də xalqımıza qarşı soyqırımlar törətmişlər. O soyqırımları dünyaya açıb göstərən əsas və bariz nümunələrdən biri Quba məzarlığıdır. Amma orada sümüklər artıq çürüməyə başlayıb. Bu prosesin qarşısını almaq üçün hansısa maddələr gətirilib o sümüklərə çəkilməlidir. Bu isə vəsait istəyir. Biz elə etməliyik ki, o sümüklər çürüməsin. Çünki sabah o sümüklər çürüyəndən sonra orada muzey də yaratsaq, onun bir effekti olmayacaq. Quba soyqırımını göstərmək üçün o sümüklər çox önəmlidir. Ona görə Elmlər Akademiyası və bu sahəyə cavabdeh rəsmi qurumlar gərək bu məsələdə öz fəallığını daha da artırsın.
Mən parlamentin rəhbərliyindən xahiş edirəm ki, öz nüfuzundan istifadə edərək bu məsələnin həllinə kömək etsin. O maddələrin alınması, orada aparılan işlərin daha da sürətləndirilməsi və o muzeyin sürətlə qurulması bizim üçün çox vacibdir. Çünki bu bizim tariximizdir və biz bunun dünyaya çatdırılması istiqamətində işlərimizi daha da gücləndirməliyik. Dünya bilməlidir ki, ermənilər Xocalıdan hələ çox qabaq, 1918-ci ildə bizim millətimizə qarşı belə soyqırımlar törətmişlər. Mən Oqtay müəllimdən, Sizdən, parlamentin rəhbərliyindən xahiş edirəm, öz nüfuzunuzdan istifadə edərək bu məsələnin sürətlə həllinə yardım edin. Orada işlər sürətlə aparılmasa, biz o məzarlıqdakı əsas quyunu da itirə bilərik. Belə olarsa, Quba məzarlığında ciddi işlər görmək imkanlarımız tükənəcək. Ona görə mən bunu sizdən xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Miri Qənbərov. Hazırlaşsın Məjlum Şükürov.
M.Qənbərov. Çox sağ olun, Ziyafət müəllim. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra respublikamızda quruculuq və abadlıq işləri, o cümlədən mənzil tikintisi geniş vüsət almışdır. Ölkəmizin paytaxtı Bakı şəhərində və bütün regionlarda tikinti sahəsində yüksək nailiyyətlər əldə olunmuş, şəhər və rayonlarda milli arxitekturamızın üslubuna uyğun binalar inşa edilmişdir. Çox təqdirəlayiq haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu uzaqgörən siyasəti davam etdirir, respublikamızın bütün bölgələrində yaşayış sahələrinin tikintisinə böyük əhəmiyyət verir və vətəndaşların sosial-məişət problemlərinin həllinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, mənzil hüquqlarının qorunmasına dövlət başçısı kimi lazımi qayğı göstərir.
Belə hesab edirəm ki, müvafiq komissiyalar tərəfindən üzərində gərgin iş aparılmış və ikinci oxunuşda Milli Məclisin müzakirəsinə verilmiş Mənzil Məcəlləsinin layihəsi yüksək səviyyədə hazırlanmış bir sənəddir və onun qəbul edilməsi bu sahədə qanunvericiliyin möhkəmləndirilməsi, boşluqların aradan qaldırılması üçün önəmli hüquqi əsas olacaqdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin layihəsini məqbul hesab edirəm.
Bununla belə, mən də müəyyən irad və əlavələrimi nəzərinizə çatdırmaq istərdim. Fikrimcə, layihənin V fəslinin, müddəaları Mülki Məcəllənin 228-ci maddəsinə uyğun tərtib edilməlidir. Bundan başqa, “özəl mənzil fondu” və “sosial kirayə” anlayışını dəqiqləşdirməliyik. Qəza vəziyyətində olan mənzillərin və mənzil-tikinti kooperativləri mənzillərinin hüquqi rejimi müəyyən edilməlidir. Layihənin 33-cü maddəsində “ömürlük dolandırmaqla himayəçilik” anlayışı daha dəqiq şərh edilməlidir. Şəxsən mən bunun nə demək olduğunu o qədər dərk edə bilmədim.
62.1-ci maddənin aşağıdakı redaksiyada yazılmasını təklif edərdim: “Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən notarial qaydada bağlanır”.
63-cü maddənin aşağıdakı redaksiyada yazılmasını təklif edirəm: “Yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına verilməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsini ləğv etmir və ya şərtlərini dəyişdirmir”.
107-ci maddənin aşağıdakı redaksiyada yazılmasını təklif edirəm: “Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi və ya onların həmin yaşayış sahələrindən çıxarılması qaydası qanunvericiliklə müəyyən edilir”. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Miri müəllim. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli mətbuat təmsilçiləri! Hesab edirəm ki, həm birinci oxunuş zamanı, həm də indiki müzakirələrdə hörmətli həmkarlarım məcəllənin aktuallığı barədə kifayət dərəcədə fikirlər söylədilər. Mən də o fikirlərə qoşuluram.
Diqqətinizi bir neçə məqama cəlb etmək istəyirəm. Layihənin mətninə və məzmununa görə Mənzil Məcəlləsi təkcə mənzili yox, yaşayış sahələrinin bütün növlərini əhatə edir. Maddə 13-də yaşayış sahələrinin növləri sadalanır. Mənzil isə bu yaşayış sahələrinin üç növündən yalnız biridir. Ona görə də hesab edirəm, ya məcəllənin adı korrektə olunmalıdır, ya da əvvəlki müzakirə zamanı Elton müəllimin qeyd etdiyi kimi, layihənin əvvəlində əsas anlayışların izahı verilməlidir. Xüsusən də izah edilməlidir ki, bu layihədə mənzil anlayışı altında nə başa düşülür.
Diqqətinizi çəkmək istədiyim ikinci məqam bu gün ölkədə mənzil bazarının formalaşması ilə bağlıdır. Bilirsiniz ki, ölkənin əsas mənzil bazarı indi özəl sektorun payına düşür. Bu, harada isə 99 faizdən çoxdur. Yalnız çox cüzi bir hissədə dövlətin payı vardır ki, bu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə şəhid ailələri və Qarabağ əlilləri üçün tikilən mənzillərdən ibarətdir. Lakin bir neçə səbəbə, xüsusən də son zamanlar dünyada baş verən iqtisadi böhrana və onun nəticələrinə görə, hesab edirəm ki, bu məcəllədə dövlətin yeni mənzil tikintisində iştirak etməsi mütləq nəzərdə tutulmalıdır. Bu, maddə 4-ə 4.1.8-ci maddə kimi əlavə olunmalıdır. Bu maddə belə səslənə bilər: “Əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinin, xüsusən də kənd rayonlarında aztəminatlı və gənc ailələrin mənzillə təmin edilməsi, mənzil bazarının tənzimlənməsi üçün dövlət yeni mənzil tikintisində iştirak edir”. Mən hesab edirəm ki, bu çox vacib bir məqamdır. Çünki dünyada iqtisadi böhran ən çox məhz tikinti sektoruna təsir edir. Bu böhranın nəticələrini aradan qaldırmaq üçün hətta klassik azad iqtisadiyyat prinsipinin hakim olduğu Qərb ölkələrində dövlətin iqtisadiyyatı tənzimləmə mexanizmi işə salınır.
Bundan başqa, bir şeyi də nəzərə almaq lazımdır. Bilirsiniz ki, mənzil bazarı çox bahalıdır, aztəminatlı ailələrin öz vəsaitləri hesabına yeni mənzillə təmin olunması ehtimalı azdır və bu nöqteyi-nəzərdən də mənzil bazarında qiymətlərin tənzimlənməsi üçün dövlətin müdaxiləsinə böyük ehtiyac var.
Mənə elə gəlir ki, belə yanaşma indi mart ayının 18-də gözlənilən referendumda Konstitusiyaya edilməsi təklif olunan dəyişikliklərlə də uzlaşır. Əgər fikir vermisinizsə, Konstitusiyanın 12-ci və 15-ci maddələrində edilməsi təklif olunan dəyişikliklərdə müvafiq olaraq Azərbaycan vətəndaşları üçün layiqli həyat səviyyəsinin təmin edilməsi və iqtisadiyyatın məhz sosial yönümlü olması nəzərdə tutulur. Bu halda hesab edirəm ki, Mənzil Məcəlləsində dövlətin yeni mənzil tikintisində iştirak etməsini labüd edən bir maddənin nəzərə alınması çox vacibdir.
Həmkarlarım öz çıxışlarında qeyd etdilər ki, layihənin mətni mücərrəddir. Mən də bu fikrə qoşuluram. Xüsusən I, II, III fəsillər çox mücərrəd yazılmışdır. Bilirsiniz ki, Mənzil Məcəlləsi hər bir Azərbaycan insanının birbaşa münasibətdə olacağı bir məcəllədir. Ona görə hesab edirəm, bu, sadə dildə yazılmalıdır. Belə təsəvvür yaranır ki, bu məcəllə hansısa xarici dildən hərfi tərcümə olunmuşdur. Ümumiyyətlə, Mənzil Məcəlləsi üzərində çox böyük iş aparılmışdır və buna görə ekspertlərə, mütəxəssislərə və komissiyalara bir daha minnətdarlıq etmək lazımdır. Sözsüz ki, mən bu məcəllənin qəbul olunmasına səs verəcəyəm və həmkarlarımı buna çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səttar Möhbalıyev. Növbəti çıxışçı İlyas İsmayılov olacaqdır.
S. Möhbalıyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən sosial kirayə haqqında bir neçə kəlmə demək istəyirəm. Hamımıza məlumdur ki, bir çox nazirliklər, qapalı səhmdar cəmiyyətləri öz strukturlarında çalışan işçilərin mənzil şəraitinin yaxşılaşdırılması üçün mənzil tikintisi ilə məşğul olurlar və bu onlarla sahə həmkarlar ittifaqları arasında, o cümlədən idarə və müəssisələrlə onlarda fəaliyyət göstərən ilk həmkarlar təşkilatları arasında bağlanan kollektiv müqavilələrdə öz əksini tapır. Biz çalışırıq ki, hökumətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında bağlanan baş kollektiv sazişinə də işləyən insanların mənzil şəraitinin yaxşılaşdırılması haqqında müəyyən maddələr, bəndlər salınsın. Nəzərinizə çatdırıram ki, çox nazirliklər sahə həmkarlar ittifaqları ilə kollektiv müqavilənin bağlanmasında maraqlı olurlar. Bu müqavilələrdə mənzil tikintisi üçün ayrılan vəsait öz əksini tapır.
Bundan başqa, bilirsiniz ki, iş yerlərində mənzil uçotunun aparılması ilə uzun müddətdir həmkarlar təşkilatları məşğul olurlar. Yaxşı olar ki, mənzillərin bölüşdürülməsinə də dövlət komissiyası ilə bərabər həmkarlar təşkilatı tərəfindən nəzarət həyata keçirilsin. Bu da mənzillərin bölüşdürülməsində sosial ədalət prinsipinin qorunmasına gətirib çıxaracaqdır. Mənim fikrim bundan ibarətdir. Mən bu layihənin qəbul edilməsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ. İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən hər şeydən əvvəl bu layihəni hazırlayıb müzakirəyə təqdim edən iki qrupun üzvlərinə öz şəxsi təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da, böyük zəhmət çəkiblər və müzakirə üçün yararlı bir layihəni təqdim ediblər.
Lakin həyatda hər şeyin təkmilləşməyə ehtiyacı olduğu kimi bu layihənin də böyük ehtiyacı var. Bu istiqamətdə bir neçə arzumu bildirmək istəyirəm. Birincisi, layihənin 9.2.4-cü maddəsində normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malik olan normativ aktların tətbiqi qaydası nəzərdə tutulmuşdur. Bu isə Azərbaycan Respublikası Konstitusiyasında müəyyən edilmiş qanunvericilik sistemi ilə uzlaşmır. Belə ki, Konstitusiyanın 148-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə normativ hüquqi aktlarla yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları da daxildir. Konstitusiyanın 149-cu maddəsinin VI hissəsinə əsasən qanunvericilik sisteminin iyerarxiyasında sonuncu yeri mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ aktlar tutur. Ona görə də layihənin 9.2.4-cü maddəsində “dövlət orqanlarının və ya bələdiyyələrin normativ hüquqi aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi” sözləri “dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi” sözləri ilə əvəz edilməlidir. Belə ki, mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələr normativ aktlar qəbul edirlər. Ancaq bu normativ aktlar normativ hüquqi aktlardan yüksək qüvvəyə malik ola bilməz.
İkinci, layihənin 11.1.6-cı maddəsində mənzil münasibətləri sahəsində bələdiyyələrin səlahiyyətləri sırasında bələdiyyə mənzil fondunu müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Ancaq layihənin 17.2.3-cü maddəsinə əsasən bələdiyyə mənzil fondu dedikdə bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu nəzərdə tutulur. Yəqin ki, bələdiyyələrə bələdiyyə mənzil fondunu tamamilə yararsız hesab etmək səlahiyyəti verilə bilməz. Ona görə bu maddə belə yazılmalıdır: “bələdiyyələrin mənzil fondunda nəzərdə tutulan yaşayış sahəsini yaşayış üçün yararsız hesab etmək”.
Üçüncü, layihənin 30.4-cü maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Bu da Mülki Məcəllənin 228.5-ci maddəsinə tamamilə ziddir. Mən elə hesab edirəm ki, burada da müəyyən uyğunluq olmalıdır. Bu müddəa çıxarılmalıdır.
Dördüncü, layihənin 63-cü maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququ başqasına keçdikdə yaşayış sahəsinin sosial kirayə müqaviləsinin qüvvəsi və şərtləri dəyişdirilmir. Lakin nəzərə almaq lazımdır ki, yaşayış sahəsinə mülkiyyət hüququ başqasına keçdikdə həmin şəxs kirayə verənin yerini tutur və müqavilədə tərəf dəyişir. Kirayə müqaviləsi kirayəçi ilə həmin şəxs arasında bağlanır. Buna görə də layihənin 63-cü maddəsinə aşağıdakı cümlə əlavə edilməlidir: “Bu halda yaşayış sahəsinin yeni mülkiyyətçisi ilə kirayəçi arasında kirayə müqaviləsi bağlanır”.
Beşinci, layihənin 75.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, kirayəçi onunla birlikdə yaşayan ailə üzvlərinin və kirayə verənin razılığı ilə yaşayış sahəsinin bir hissəsini, müvəqqəti olaraq başqa yerə getdikdə isə bütün yaşayış sahəsini ikinci əldən kirayə verə bilər. Nə qədər ki kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri layihənin 68.2-ci maddəsinə əsasən kirayəçi ilə bərabər hüquqlara, o cümlədən həmin yaşayış sahəsində yaşamaq hüququna malikdirlər, kirayəçinin müvəqqəti olaraq başqa yerə getməsi onları bu hüquqdan məhrum etmir. Buna görə də layihənin 75.1-ci maddəsində kirayəçinin başqa yerə müvəqqəti getməsi ilə əlaqədar yaşayış sahəsini ikinci əldən kirayə vermək hüququ aşağıdakı kimi ifadə edilməlidir: “başqa yerə onunla birlikdə yaşayan həmin ailə üzvləri ilə getdikdə isə bütün yaşayış sahəsini ikinci əldən kirayə verə bilər”.
Nəhayət, layihədə yaşayış sahəsini ikinci əldən kirayə götürən şəxs gah subkirayəçi (maddə 76), gah da ikinci əldən kirayəçi (maddə 78.4) adlandırılır. Məcəllədə termin sabitliyini təmin etmək üçün bu adların birindən istifadə edilməlidir. Fikrimcə, subkirayəçi termini daha məqbuldur. Belə ki, bu cür terminlər respublika qanunvericiliyinə məlumdur. Məsələn, Mülki Məcəllənin 747.4-cü maddəsində sublizinq müqaviləsi nəzərdə tutulmuşdur. Diqqətinizə görə təşəkkür edirəm.


Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Mən yalnız bir neçə məsələyə qısa öz münasibətimi bildirmək istəyirəm. Amma bundan öncə, Oqtay müəllim, bir daha Sizin diqqətinizə çatdırmaq istəyirəm. Bizim parlament jurnalistləri özlərinin mənzil kooperativini yaradıb, bununla bağlı ölkə Prezidentinə, müxtəlif dövlət strukturlarına müraciət ediblər. Bu məsələnin həlli Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb. Amma çox təəssüf ki, bu məsələ öz həllini tapmır. Müasir cəmiyyətimizi informasiyasız, jurnalistlərsiz təsəvvür etmək mümkün deyil. Jurnalistlər çox vacib və əhəmiyyətli işlə məşğuldurlar. Başqa kateqoriyalardan olan vətəndaşlara onların işlədikləri müəssisələr, yaxud dövlət strukturları tərəfindən mənzil tikilib verilir. Amma jurnalistlər sanki ən təminatsız bir sosial təbəqədir. Ona görə mən xahiş edirəm ki, Milli Məclisin rəhbərliyi bu məsələni nəzarətə götürsün və biz çalışaq, bu məsələdə jurnalistlərə kömək edək. Müzakirə olunan məsələ ilə bağlı mən “Yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina” adlı 25-ci maddə barədə fikrimi bildirmək istəyirəm. 25.1.1-ci maddədə qeyd olunur ki, lazımi sənədlər təqdim olunmadıqda razılaşdırmaqdan imtina oluna bilər. Mən hesab edirəm, burada qeyd olunmalıdır ki, razılıq verən orqan lazımi sənədləri təkrar tələb etməlidir. O sənədlər yenidən təqdim olunmadıqda razılaşdırmaqdan imtina oluna bilər. 25.1.2-ci maddədə qeyd olunub ki, sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə də razılaşdırmaqdan imtina edilə bilər. Mən hesab edirəm, bu əsaslara görə yaşayış sahəsinin yenidən planlaşdırılmasından imtinaya yol verilməsi doğru olmazdı.
Ciddi narahatlığıma səbəb olan ən mühüm məsələ isə, − mən Milli Məclisin müvafiq komissiyasının iclasında da bu barədə fikrimi bildirdim, − “Dövlət ehtiyacları üçün torpaq sahəsi alınarkən yaşayış sahəsi mülkiyyətçisinin mənzil hüquqlarının təmin edilməsi” adlı 31-ci maddə ilə bağlıdır. 31.9-cu maddədə yaşayış sahəsinin hansı qaydada vətəndaşdan dövlət məqsədləri üçün alına biləcəyi qeyd olunur. Biz 2008-ci ilin payız sessiyasında Mülki Məcəllənin “Mülkiyyətin müdafiəsi” adlı 157-ci maddəsinə dəyişiklik etdik və orada bildirdik ki, dövlət mənafeyi üçün vətəndaşdan torpaq sahəsi alınarkən bununla razılaşmayan vətəndaş məhkəməyə müraciət edə bilər. Halbuki bu bizim Konstitusiya ilə birbaşa ziddiyyət təşkil edən bir normadır. Konstitusiyanın 29-cu maddəsinin IV bəndində açıq deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Amma biz Mənzil Məcəlləsində nəzərdə tuturuq ki, vətəndaşla razılığa gələ bilməyən dövlət orqanı məhkəməyə müraciət edir. Yəni biz mülkiyyətin vətəndaşdan alınması ilə əlaqədar olaraq fərqli prosedurlar müəyyənləşdiririk. Mülki Məcəllənin 153.4-cü maddəsində qeyd olunur ki, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Əgər eyni bərabərdə müdafiə edilirsə, onda biz necə başqa prosedurlar müəyyənləşdiririk? Bir maddədə göstəririk ki, torpağın alınması üçün dövlət orqanı məhkəməyə müraciət edə bilər, o birisində isə deyirik ki, vətəndaş məhkəməyə müraciət etməlidir. Yəni Mülki Məcəllənin 157-ci maddəsi ilə Mənzil Məcəlləsinin 31-ci maddəsi arasında ciddi ziddiyyətlər var.
İkincisi, − mən komissiyanın iclasında da söylədim, − Konstitusiyanın 29-cu maddəsində açıq yazılıb: “Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Mən təklif etdim ki, Konstitusiyanın bu müddəası müvafiq normativ hüquqi aktlara da daxil edilsin. Hal-hazırda bir çox vətəndaşın mülkiyyəti dövlət maraqları, mənafeləri üçün alınıb və haqqı hələ də ödənilməyib. Amma Konstitusiya birbaşa tələb edir ki, bu, qabaqcadan ödənilməlidir. Bu müddəanı orada dedim və çox təəssüf ki, komissiyanın iclasında buna etiraz edən olmasa da, o müddəa məcəlləyə daxil edilməyib. Biz məcəlləyə Konstitusiyanın bu müddəasının tələbini daxil etməliyik ki, vətəndaşın mülkiyyətinin dəyəri, əmlakının haqqı ona qabaqcadan ödənilsin. Biz payızda Mülki Məcəlləyə etdiyimiz dəyişikliklərin Konstitusiyaya zidd olduğunu nəzərə alıb bir daha o məsələyə qayıdaraq Mənzil Məcəlləsini Mülki Məcəlləyə uyğunlaşdırmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Çox sağ olun. Hörmətli Oqtay müəllim, mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Əgər icazə versəniz, 2−3 dəqiqə bir başqa məsələ ilə bağlı fikrimi deyərdim, çünki bu gün cari məsələlər yoxdur. Bu barədə məlumat verməyi özümə borc bilirəm. Bu günlərdə, yəni keçən ayın axırı və bu ayın 13-ü arasında mən qitə dövlət olan və bizdən uzaqda yerləşən Avstraliyaya oradakı Azərbaycan diasporunun dəvəti ilə səfərə getmişdim. Onların təkidi ilə bir gün Avstraliya parlamentində çox ciddi görüşlər oldu.
Avstraliya parlamenti iki palatadan − senat və nümayəndələr palatasından ibarətdir. Senatın 76 və nümayəndələr palatasının 150 üzvü var. Rəsmi görüş səviyyəsində gözəl proqram hazırlamışdılar. Parlamentdə deputatlarla, məclisin katibi ilə və senatda həm müxalifətin, həm də iqtidarın iştirakı ilə bizim görüşlərimiz oldu. Bütöv bir gün bu görüşlərə sərf olundu. Təkcə Azərbaycanla yox, bu bölgədə gedən proseslərlə, Gürcüstan−Rusiya, Gürcüstan−Ukrayna münasibətləri, Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu işdə rolu kimi ən müxtəlif məsələlərlə maraqlanırdılar. Əvvəlcədən xəritələri çıxarmışdılar. Bilirdilər ki, Dağlıq Qarabağla bağlı söhbətlər gedəcək. Mən çalışdım, Azərbaycan həqiqətləri ilə bağlı bildiklərimi deyim. Kitablar, arayışlar, sidilər aparmışdım. Bütün suallara bildiyim şəkildə geniş cavab verdim. Erməni soyqırımının yalan olması, Qarabağın işğalı, Azərbaycanın bölünmüş bir millət olması və sair barədə danışdım.
Azərbaycanı bundan əvvəl bircə Olimpiya oyunlarından xatırlayırdılar. Bu ölkənin millət vəkilləri ilə əlaqələrimiz az olub, bu gün də zəifdir. Bircə Zeynəb xanım 1990-cı ildə orada olub və indiyə kimi onu böyük hörmətlə xatırlayırlar. Azərbaycan diasporu onu unutmur.
Mənim bu barədə məlumat verməkdə məqsədim ayrı şeydir. Biz Avstraliyaya çox uzaq bir ölkə kimi baxırıq. Amma bu bir qitə dövlətdir və ətrafında okean dövlətləri var. Dünyada söz sahibi olan dövlətlərdən biridir, iqtisadiyyatı yüksək səviyyədə inkişaf edib. Orada Azərbaycan diasporu var, “Azərbaycanın səsi” radiosu var, dərnəklər var. Miqrantların sayı ildən-ilə artır, tələbələr gedib orada oxuyurlar. Çox yaxşı olar ki, biz bu ölkə ilə əlaqələrimiz haqqında fikirləşək.
Parlamentdəki görüşlərimdən sonra məni Avstraliyanın Xarici İşlər Nazirliyi dəvət etdi. Orada Avropa və Asiya ölkələri şöbəsində oldum. Bütün bu məsələlər barədə söhbət etdik. Onlar da ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün Avstraliyada Azərbaycan səfirliyinin açılmasını arzu etdiklərini bildirdilər.
Türkiyənin səfiri zəng vurdu və dedi ki, ermənilər burada işləyirlər, xəbəriniz olsun. Yaxşı olar ki, Azərbaycan da burada səfirlik açsın, çünki buna çox ciddi ehtiyac var. Səfirlik olmadığına görə problemlər yaranır. Mən bir millət vəkili olaraq bu barədə məlumat verməyi özümə borc bilirəm.
Azərbaycanın maraqları baxımından biz bu bölgəyə diqqətimizi artırsaq, səfirlik açılsa, get-gəl artsa, parlamentlərarası əlaqələr güclənsə, bu həm Azərbaycanın xeyrinə olar, həm də bizim haqq səsimizin dünyaya çatdırılması işinə təsir göstərər. Çünki Avstraliya dünyanın müxtəlif qitələrində yerləşən onlarca ölkənin, o cümlədən Böyük Britaniya, Kanada, Hindistan kimi nüfuzlu dövlətlərin daxil olduğu Britaniya Millətlər Birliyinin üzvüdür və o birlikdə çox ciddi söz sahibidir. Millət vəkillərindən üzr istəyirəm ki, aidiyyəti olmayan bir məsələnin içərisində bu məlumatı verdim. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, Mənzil Məcəlləsinin araya, ərsəyə gəlməsində kifayət qədər əziyyət çəkilib. Amma mən açığı başa düşmürəm ki, nəyə görə biz bu Mənzil Məcəlləsi üzərində bu qədər əziyyət çəkib, bu qədər iş görsək də, − burada 4 komissiyanın gördüyü böyük iş var, − bunu Azərbaycan dilində yazmağa çalışmamışıq. Bu layihədə elə cümlələr var, adam oxuyanda fikirləşir ki, yəqin, bunu yazanlar azərbaycanlı deyillər və Azərbaycan dilini yeni öyrəniblər. Bu zalda Azərbaycan dili və qrammatikasının mütəxəssisləri, dilçi alimlərimiz oturublar, onlar hər halda layihəni oxuyublar. Mən açığı bir az təəccüblə qarşıladım ki, nə əcəb bu sözləri demədilər. Hər halda Mənzil Məcəlləsi, əsasən, vətəndaşlar üçün nəzərdə tutulub və hər bir vətəndaş bunu oxuyarkən başa düşməlidir ki, söhbət nədən gedir. Mən ancaq 5 dəfə, 10 dəfə oxuyandan sonra başa düşürəm ki, bunun içərisində nə var və bu nə demək istəyir. Nümunə üçün bir cümləni sizin nəzərinizə çatdırım. Məsələn, 14.2-ci maddədə belə bir cümlə var: “Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir, o şərtlə ki, bu, digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın”. Mənə elə gəlir ki, burada, heç olmasa, sözlərin yeri dəyişdirilsəydi, Azərbaycan dilində yazılmış bir cümlə ala bilərdik. Hər halda layihənin dili üzərində bir də işləmək və onu Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır.
Daha bir məqamı nəzərə çatdırmaq istəyirəm. Azərbaycan parlamentinin qəbul etdiyi qanunların əksəriyyətində qadın və uşaq hüquqlarının üstünlük təşkil etməsi bu gün başqa parlamentlərə nümunə kimi göstərilir. Mən xüsusilə qeyd etmək istəyirəm ki, “Qadınlara qarşı zorakılığa son qoyaq” kampaniyası zamanı bir çox ölkələrin qanunları müzakirə olunarkən Azərbaycan Respublikasında qəbul olunmuş qanunlar nümunəvi qanunlar hesab olunurdu. Bu baxımdan çox istərdim ki, Mənzil Məcəlləsində də biz bu məsələlərə xüsusi diqqət yetirək.
İrəlidə bizi gözləyən mart referendumunda Konstitusiyaya mütərəqqi əlavə və dəyişikliklər artıq yaşamaq hüququ əldə etdikdən sonra, yəqin ki, qanunlarımızda bir çox dəyişikliklər olacaq. Bəlkə yeri gəlmişkən biz bu gün Konstitusiyanın 17-ci maddəsinə edilən əlavəyə uyğun olaraq Mənzil Məcəlləsinin 5.2-ci maddəsinə bir əlavə edək. 5.2-ci maddədə göstərilir ki, vətəndaşların həyatı və onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mənzilə orada yaşayanların razılığı olmadan daxil olmaq mümkündür. Bilirsiniz ki, hazırda bütün dünyada qadınlara və uşaqlara qarşı zorakılıqla bağlı çox ciddi addımlar atılır. Avropa Şurasına daxil olan ölkələrin qanunvericiliyində bu xüsusilə qeyd olunur. Əgər biz də bu məqamı və ümumiyyətlə, dünyada gedən ümumi tendensiyanı nəzərə alaraq 5.2-ci maddəyə “şəxsi təhlükəsizliyi” sözlərindən sonra “qadın və uşaq hüquqlarının” sözlərini əlavə etsəydik, güman edirəm ki, bu maddəni Konstitusiyamızın 17-ci maddəsinə edilən əlavəyə daha çox uyğunlaşdıra bilərdik.
30.1-ci maddədə əmək qabiliyyəti olmayanlarla bağlı çox maraqlı və çox həssas bir məqam var. Qeyd olunur ki, “mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə onun ailə üzvləri hesab edilə bilərlər”. Əmək qabiliyyəti olmayan insanlar arasında 15 yaşına çatmayan şəxslər də var. 15 yaşı tamam olan gündən, yəni artıq 16 yaşına keçən ilk gündən etibarən bu adamlar əmək qabiliyyətli insan sayılırlar. Düşünürəm ki, mülkiyyətçilər, adətən, artıq əlləri heç yana çatmayan yaşlı insanlar olurlar. Mülkiyyətçi kimisə evinə yazdırmaq istəsə, deyək ki, bir aydan sonra 16 yaşı olacaq belə bir şəxsi yazdıracaq ki, sabah bu adama görə də hər hansı bir əlavə paya iddia edə bilsin. Mənə belə gəlir ki, bu məqamları müəyyən mənada nəzərə almaq lazımdır.
Daha bir maddə ilə bağlı fikrimi demək istərdim. Bu, 38-ci maddədir. Hal-hazırda Bakı şəhərində və digər şəhərlərdə hər hansı bir nazirliyin, şirkətin, idarənin balansında olan binalar var. Bu binalarda vəziyyət kifayət qədər ciddidir. Nə səbəbdən ciddidir? Bu binalar əvvəllər, deyək ki, hərbçilər və yaxud digər sahənin insanları üçün nəzərdə tutulan binalar idisə və burada yalnız həmin sahənin insanları yaşayırdılarsa, 1990-cı ildən sonra bu binalarda artıq adi vətəndaşlar, yəni əslində, nazirliyə dəxli olmayan insanlar da yaşayırlar. Nəticədə, 15−20 il ərzində bu binaların istilik, kanalizasiya və su sistemi çox bərbad bir vəziyyətə düşüb. Həmin nazirliklər artıq bu binalarda digər insanların yaşadığını nəzərə alaraq bu binaların problemlərini prioritet olaraq görmür, bu binalarla bağlı heç bir addım atmırlar. İcra hakimiyyətləri isə həmin adi vətəndaşların müraciətlərinə cavab verirlər ki, bu binalar idarə tabeliyindədir, bizə heç bir dəxli yoxdur.
Mən sizə 10-a yaxın bina saya bilərəm ki, qəza vəziyyətinə düşmək ərəfəsindədir. Biz Mənzil Məcəlləsini qəbul edərkən bunu dövlət orqanları qarşısında həlli vacib olan bir məsələ kimi qoymağa çalışaq. Ya bu nazirliklər o binaları icra hakimiyyətlərinə versinlər, ya da özləri bu binalarla bağlı hər hansı bir qərar çıxarsınlar. Bu binalardan biri də bizim Milli Məclisin arxasında yerləşən binadır. Bu binalar yaxın vaxtlarda qəza vəziyyətinə düşə bilər. Çünki zirzəmilər bərbad vəziyyətdədir. Bizim relyef isə elə bir relyefdir ki, burada ehtiyatla davranmaq lazımdır. Bu binanın özülündə, yaxud konstruksiyasında baş verəcək çatlarla bağlı sonra nələr baş verəcək, bilmirəm. Mən bunun hətta Milli Məclisin yeni tikilən binası üçün də təsirsiz ötməyəcəyini dəqiq deyə bilmərəm.
Daha bir maddəni qeyd etmək istəyirəm. Bu, 31.7-ci maddədir. Burada bir-iki məqam var. Əldən çıxmış fayda və üçüncü şəxslərlə bağlı nəzərdə tutulmuş məsələlərdir. Bunlarla bağlı, istərdim, bir açıqlama verilsin.
Sədrlik edən. Çox sağ olun. Gülər xanımın ürəyi doludur, 10 dəqiqə də bəs etmədi. Milli Məclisin binasından narahat olmayın. Milli Məclisin təzə binası 150 ədəd dirəklə möhkəmləndirilib ki, gələcəkdə belə halların qarşısı alınsın. Keçən dəfə biz müzakirədə qeyd etdik ki, Azərbaycanda mövcud olan yaşayış binalarının 90 faizi artıq özəlləşdirilmiş mənzillərdən ibarətdir. İki-üç şirkətdən başqa bütün nazirlik və idarələrin binaları artıq Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib. Belə binalar bu gün Neft Şirkətində, Xəzər Dəniz Gəmiçiliyində var. Qalan binaların hamısı komitələrin, nazirliklərin balansından çıxarılıb.
Bu məsələ də keçən iclasda səsləndirildi ki, kooperativ binalarda, özəlləşdirilmiş binalarda təmir işləri artıq vətəndaşların özləri tərəfindən aparılmalıdır. Amma bir iş var ki, evlər, binalar özəlləşdirilsə də, kommunikasiyası özəlləşdirilməyib. Köhnə binalarda da yalnız kommunikasiya magistral hissələr şəhər icra hakimiyyətinin üstündə qalıb və bu işləri, təbii ki, o yerinə yetirməlidir. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq parlamentin iki iclasıdır ki, çox vacib bir qanunun − Mənzil Məcəlləsinin layihəsini müzakirə edirik. Son çıxışlarda artıq bəzi fikirlər təkrarlanır. Mənim də deyəcəyim fikirlər çox idi. Amma həmkarlarımın çıxışlarında bunların hamısı əhatə olundu. Bizim hörmətli hüquqşünaslarımız, sosioloqlarımız, iqtisadçılarımız, memarlıq sahəsində məşğul olan peşəkar mütəxəssislərimiz öz fikirlərini söylədilər. Əlbəttə, bunların içərisində qəbul edilməsi zəruri sayılacaq fikirlər də ola bilər. Təbii ki, bu müzakirələr qanunun daha mükəmməl bir səviyyəyə çatmasına kömək edəcəkdir. Lakin bir məsələ var ki, bu gün müzakirə etdiyimiz qanun layihəsi özünün zəruriliyinə görə, ümumxalq, ümumdövlət, ictimai, sosial əhəmiyyətinə görə o qədər yüksəkdə dayanır ki, biz bunu iki iclasdır müzakirə edirik. Bu, xalqımıza göstərilən sosial qayğının, insanların rifahının yaxşılaşdırılmasının daha bir təzahürü, qanunvericilik bazasının möhkəmləndirilməsi və dəqiqləşdirilməsi işində atılan uğurlu addımlardan biri kimi qiymətləndirilməlidir.
Hörmətli Sədr, hesab edirəm ki, deyilən fikirlərin böyük əksəriyyətinin üst-üstə düşdüyünü nəzərə alaraq qanun layihəsini ikinci oxunuşda səsə qoyub qəbul etmək mümkündür. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ. Həbibbəyli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə çıxarılan Mənzil Məcəlləsinin layihəsi Azərbaycanda son illərdə genişlənməkdə olan mənzil sektorunda baş verən müsbət prosesləri, yeni meyilləri özündə bütün dolğunluğu ilə əks etdirir və mənzil sektorunda mövcud ola biləcək narahat halların aradan qaldırılmasına qanunvericilik baxımından istiqamət vermək imkanları ilə də diqqəti cəlb edir. Bu mənada yeni Mənzil Məcəlləsinin qəbul olunması mənzil sektorunda, şəhərsalmada bəzi hallarda mövcud olan pərakəndəliyi, hərc-mərcliyi, məmur özbaşınalığını da aradan qaldırmağa imkan verə bilər. Bu Mənzil Məcəlləsi mənzil sektoru ilə əlaqəsi olan nazirliklərin, idarə və təşkilatların fəaliyyətinin konkretləşməsinə, tənzimlənməsinə də şərait yaratmaq imkanlarına malikdir.
Bununla belə, mən bu Mənzil Məcəlləsində yerli xüsusiyyətlərin, milli memarlıq ənənələrinin qorunub saxlanmasına dair konkret maddələrin olmasını Azərbaycanda şəhərsalma, tikinti-quruculuq işlərinin inkişafı baxımından əhəmiyyətli sayar və şəhərsalma zamanı yaşayış komplekslərinin vahid bir sahədə tikintisi planlaşdırılarkən uşaq bağçalarının, məktəblərin, digər zəruri obyektlərin tikilməsi zərurətinin də Mənzil Məcəlləsinin ayrı-ayrı maddələrində öz əksini tapmasını vacib hesab edərdim.
Əlamətdar haldır ki, Mənzil Məcəlləsinin layihəsi Azərbaycanda Xocalı soyqırımı gününün keçirilməsi ərəfəsində müzakirə olunur. Azərbaycan Prezidentinin apardığı siyasət imkan verir ümid edək ki, ən yaxın vaxtlarda elə bu Mənzil Məcəlləsi əsasında Xocalıda dövlətimiz tərəfindən mənzillər tikiləcək və Xocalı köçkünləri doğma yurdlarına qayıdacaqlar.
Bütövlükdə bu Mənzil Məcəlləsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycanı daha da inkişaf etdirmək strategiyasını özündə ehtiva edir. Mən bu Mənzil Məcəlləsinə səs verməyi məqsədəuyğun sayıram.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Müzakirəyə təqdim olunmuş Mənzil Məcəlləsinin layihəsi haqqında mənim bir sıra fikirlərim var idi. Amma onların bir neçəsi artıq hörmətli həmkarlarım tərəfindən səsləndirildi. Ona görə mən o məsələlərə toxunmayacağam. Mən yalnız qısaca, bir-iki məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Birincisi, mən istərdim ki, bu Mənzil Məcəlləsində gənc, istedadlı kadrlara mənzil verilməsi ilə bağlı xüsusi güzəştlər nəzərdə tutulsun. Xüsusən də, − mən Elmlər Akademiyasında çalışıram, − gənc, istedadlı alimlərin bəzən mənzilə çox böyük ehtiyacı olur və biz müşahidə edirik ki, mənzilləri olmadığına görə bu insanlar elmdən daha gəlirli sahələrə üz döndərməyə məcbur olurlar.
Sonra, gözdən əlillər tərəfindən mənə bir neçə dəfə müraciət olunubdur. Bu insanlara da mənzil verilməsində müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Məsələn, Bakı şəhərində yaşayan bir nəfər gözdən əlil mənə müraciət edib. Valideynləri Bakı şəhərində yaşadığı üçün onu yaşadığı yataqxanada qeydiyyata almırlar. Bu insan istəyir ki, şəxsi həyatını qursun, valideynlərinin yaşadıqları mənzilin sahəsi isə buna imkan vermir. Yəni Bakı şəhərində yaşayan əlillər də yaşadıqları yataqxanalarda qeydiyyata düşməlidirlər ki, gələcəkdə mənzillə təmin oluna bilsinlər.
Sonra, mən istərdim, burada mənzil-istismar sahələrinin funksiyaları dəqiq müəyyən olunsun. Çünki əhali arasında aydın bir təsəvvür yoxdur ki, mənzil məsələlərində bələdiyyələrin funksiyaları ilə mənzil-istismar sahələrinin funksiyaları nədən ibarətdir. JEK-lər elə əvvəlki qaydada işləyir, əvvəlki qaydada da əhalidən müəyyən pul məbləğləri yığırlar.
Müzakirəyə təqdim olunmuş bu məcəllənin dili barədə demək istərdim. Burada mən asanlıqla aradan qaldırıla bilən bir sıra dil xətalarına rast gəldim. Məsələn, “Mənzil hüquqlarının məhdudlaşdırılması” adlı 3-cü maddənin 1-ci hissəsini oxuyuram: “Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər”. Buradan belə çıxır ki, mənzil hüquqları həm də mənəviyyatın və sağlamlığın hüquq və azadlıqlarının müdafiəsi üçün zəruri olan hallarda məhdudlaşdırıla bilər. Halbuki bu cümlədə “sağlamlığın” sözündən sonra “qorunması” sözü əlavə olunsaydı və sonra da maddənin sonrakı hissəsi verilsəydi, daha yaxşı olardı.
Bütövlükdə mən Mənzil Məcəlləsi layihəsini yüksək qiymətləndirirəm. Mən onun lehinə səs verəcəyəm və həmkarlarımı da buna çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu qanun layihəsinin vacibliyini nəzərə alaraq biz çox geniş müzakirələr apardıq. 19 millət vəkili çıxış etdi. İndi mən istəyərdim ki, Əli müəllim verilən sualların bəzilərinə cavab versin. Ancaq mən Əli müəllimin keçən dəfəki fikirləri ilə razıyam ki, bu qanun layihəsini böyük ictimai müzakirəyə çıxarmaq lazımdır. İkinci oxunuşda bunu qəbul edərik, sonra ictimai müzakirəyə çıxararıq. Təbii ki, biz payız sessiyasına qədər bu qanun üzərində bir daha işləməliyik. Buyursun Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm, cənab Sədr. İlk növbədə Sizə təşəkkür edirəm ki, Mənzil Məcəlləsinin belə geniş müzakirəsi üçün şərait yaratdınız və bu, işçi qrupu üçün ilk növbədə yeni fikirlər, təkliflər, çatışmayan cəhətlərlə bağlı iradlar eşitmək baxımından da faydalı oldu. Eyni zamanda, millət vəkillərinin imkanı oldu ki, onlar da bir vətəndaş kimi maraqlarına toxunan məsələ ilə bağlı fikirlərini bildirsinlər.
Müzakirələr zamanı yeganə razılaşmadığım məqam ondan ibarətdir ki, mülkiyyət məsələsi istər-istəməz Mənzil Məcəlləsi ilə bağlı məsələ olduğuna görə bu və ya digər formada Mülki Məcəllənin, Tikinti Məcəlləsinin, Şəhərsalma Məcəlləsinin predmetlərinə aid olan məsələlərə burada toxunuldu. Yəni biz heç bir halda hansısa binanın tikintisi, haradasa uşaq bağçalarının və ya idman meydançalarının, yaxud hər hansı bir təhvil verilməmiş binanın tikintisi şərtlərini burada ehtiva etmirik və bu bizim işimiz də deyil. Mənzil Məcəlləsinin predmeti vətəndaşların mənzil hüquqlarının həyata keçirilməsinə şərait yaradılması, mənzil təhlükəsizliyi və ən başlıcası əsassız olaraq mənzil hüququndan məhrumetmənin yolverilməzliyi prinsipi üzərində qurulmuş müddəalardır. Bu baxımdan layihəni təqdim edərkən mən qeyd etmişdim ki, hətta əgər bu məcəllədə Mülki Məcəllə ilə bağlı ziddiyyətlər aşkar edilərsə, biz bunları araşdıracağıq və misal üçün, Tikinti Məcəlləsi ilə bağlı kəsişən məqamlar olarsa, onları çıxaracağıq.
Ümumən məcəllənin dili ilə bağlı problemlərin olmasını qəbul edirəm. Çünki həqiqətən, hüquqi anlayışları bir qədər milliləşdirmək problemi mövcuddur. Amma biz cəhd edəcəyik ki, layihədə bu problemlər aradan qaldırılsın. Hər halda Mənzil Məcəlləsinin dil baxımından ekspertizasını keçirmək imkanımız da var. Həm millət vəkilləri arasında, həm də parlamentin Aparatında kifayət qədər peşəkar mütəxəssislər var. Bu, problem deyil. Amma bir şeyi qeyd etmək istəyirəm. Bayaq dil baxımından 3.1-ci maddəyə irad tutuldu. Bu maddədə deyilir: “Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər”. Misal üçün, bu müddəanı dil baxımından ekspertiza etmək mümkün deyil. Çünki bu, insan və hüquq azadlıqlarının tənzimlənməsinə dair Konstitusiya qanununda, eləcə də Avropa İnsan haqları Konvensiyasında öz əksini tapmış anlayışdır və bura sadəcə olaraq köçürülüb. Amma digər məsələlərlə bağlı biz bu ekspertizanı keçirəcəyik.
Hörmətli millət vəkilləri layihənin ən vacib məsələləri üzərində dayandılar. Doğrudan da, 21-ci, 28-ci, 31-ci maddələr ən vacib məsələlərdir. Vacibdir ona görə ki, yeni mülkiyyət münasibətləri formalaşıb. Bilirsiniz ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsi köhnə Sovet dövründən qalan Mənzil Məcəlləsidir, münasibətlər isə yenidir. Deməli, mövcud Mənzil Məcəlləsi ilə gerçəklik arasında kifayət qədər ciddi ziddiyyətlər mövcuddur. Hətta birinci oxunuş zamanı qeyd etmişdik ki, məhz bu ziddiyyətləri və pərakəndəliyi aradan qaldırmaq məqsədilə yeni Mənzil Məcəlləsinin qəbuluna ehtiyac var.
21-ci maddə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası haqqındadır. Əlbəttə, bunun üzərində ciddi işləmək lazımdır. Doğrudan da, hazırda bu sahədə müəyyən bir pərakəndəlik mövcuddur. Çünki bazar iqtisadiyyatının özünün tələbləri var. Mövcud olan binaların qeyri-yaşayış sahələrindən biznes-kommersiya maraqları üçün istifadə olunur və burada bəzən ictimai asayiş pozulur ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olur. Əlbəttə, biz cəhd etməyə çalışacağıq ki, yeni məcəllədə bu məsələ müəyyən mənada tənzimlənsin.
Mən onu da başa düşürəm ki, yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması ilə bağlı olan 23-cü və 24-cü maddələr narahatçılıq yarada bilər. Amma Oqtay müəllim, Siz keçən dəfə sanitar-texniki qurğularla bağlı bir qeyd etdiniz. O çox düzgün bir qeyd idi. Məsələ bundadır ki, yaşayış sahəsinin yenidən qurulması texniki pasportda dəyişikliklər edilməsini tələb edirsə, onda bu, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Yəni söhbət heç bir halda adi təmirdən getmir. Vətəndaşlar heç kimdən icazə almadan mənzillərini azad surətdə öz zövqlərinə uyğun təmir edə bilərlər.
24.5-ci maddədə mütərəqqi bir element ondan ibarətdir ki, burada belə bir müddəa öz əksini tapıb: “Razılaşmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən 3 iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir”. Yəni burada biz onu göstəririk ki, müraciət oldusa, süründürməçilik olmasın. Yaşayış sahəsi mülkiyyətçisinin müraciəti mütləq 3 gündən gec olmayaraq cavablandırılmalıdır. Yəni hər halda belə bir yol axtarırıq ki, vətəndaşlar yaşayış sahəsini yenidən qurmaq və ya yenidən planlaşdırmaq niyyətində olarlarsa, burada müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir problem yaranmasın.
Nəhayət, 31-ci maddə. Bu maddə ilə bağlı irad bildirildi ki, onu Konstitusiyaya uyğunlaşdırmaq lazımdır. Bu barədə biz düşünəcəyik. Doğrudur, biz Mülki Məcəllədə bir dəyişiklik etmişdik və o dəyişiklik, həqiqətən, mütərəqqi bir dəyişiklik idi. Təəssüf ki, onun icrasında problemlər meydana çıxdı. Bu barədə bizə də müraciətlər daxil olmuşdu. Amma bu dəfə biz çalışırıq ki, Mənzil Məcəlləsində bu məsələni daha uğurlu həll edək.
Mən daha bir məsələyə münasibət bildirmək istəyirəm. Keçən dəfə “Qəza vəziyyətində olan mənzillərin yenidən qurulması və yenidən planlaşdırılması” adlı 28-ci maddə müzakirə predmeti oldu. Deyildi ki, bu maddəyə görə yaşayış sahəsi mülkiyyətçidən asılı olmayan səbəblərdən qəza vəziyyətinə düşdükdə mülkiyyətçi onu qısa müddətdə təmir və bərpa etməlidir. Sonra digər maddələr də sadalandı və belə bir təsəvvür yarandı ki, əgər mənzil qəza vəziyyətinə düşübsə, mülkiyyətçi, misal üçün, vətəndaş bunu mütləq özü təmir etməlidir. Bu maddədəki başqa müddəalara da istinad olundu ki, mülkiyyətçi bunu etmədikdə və ya edə bilmədikdə yaşayış sahəsi hərraca çıxarılır və hərracda başqa şəxsə satılır. Belə çıxırdı ki, guya vətəndaş, ümumiyyətcə, mənzilsiz qalır. Amma burada bir məsələni tam dəqiqləşdirməliyik. Mülkiyyətçi deyəndə biz kimləri nəzərdə tuturuq? Mülkiyyətçi təkcə vətəndaşlar deyil, misal üçün, hansısa bir şirkət də ola bilər. Əgər bütövlükdə bina bir şirkətə məxsusdursa, onun üzərində cari təmirdən tutmuş yaşayış sahəsinin qəza vəziyyətinə düşməsinin qarşısını almaqdan ötrü aparılan əsaslı təmirə qədər müəyyən öhdəliklər var. Vətəndaşlarla bağlı narahatçılığı mən başa düşürəm. Çünki təəssüf olsun ki, bizdə hələ də sığorta münasibətləri kifayət qədər inkişaf etməyib və bu, əlbəttə, problem yaradır. Yəni hansısa bir Qərb ölkəsində belə bir şərait yarandıqda sığorta mövcuddursa, artıq belə şəraitdə məsuliyyətdən söhbət getməyəcəkdi. Amma buna baxmayaraq, mən yenə də 28.7-ci maddəyə istinad etmək istəyirəm: “Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu məcəllənin müvafiq hallara uyğun olaraq 31 və 85-ci maddəsinin müddəaları tətbiq edilir”.
31-ci maddə barədə biz danışdıq. O, vətəndaşın hüquqlarını kifayət qədər mükəmməl müdafiə edir. “Evin sökülməsi ilə əlaqədar sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsi qaydası” adlı 85-ci maddədə isə birmənalı olaraq göstərilir ki, ev sökülməli olduqda, evin sökülməsi barədə qərar qəbul etmiş kirayə verən tərəfindən vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Yəni burada hər bir halda vətəndaşın hüquqları qorunur. Sözsüz ki, biz qəza vəziyyətində olan mənzillərin yenidən qurulması məsələsinə müzakirə zamanı yenə qayıdacaq və xüsusən o halı bir də nəzərdən keçirəcəyik ki, sığortası olmayan vətəndaş belə bir vəziyyətə düşsə, hansı çıxış yolu olmalıdır. Əlbəttə, bu məsələyə qayıdacağıq. Mən qeyd etmək istəyirəm ki, bu məcəllənin əsas məqsədi vətəndaşların mənzil hüquqlarının daha səmərəli qorunmasıdır. Amma burada belə bir fikir səsləndi ki, əgər kiminsə evi qəza vəziyyətinə düşübsə, bu məcəlləyə görə o ev nəticə etibarilə hərraca çıxarılır və satılır. Əlbəttə ki, məsələnin belə qoyuluşu düzgün deyil.
Bütövlükdə mən bütün millət vəkillərinə təşəkkür edirəm. Oqtay müəllim, Siz də çox sağ olun ki, bu layihənin ictimai müzakirəyə verilməsi barədə təklifimizi dəstəklədiniz. Düşünürəm, bu o qədər vacib bir sahədir ki, bunun geniş ictimai müzakirəsinə ehtiyac var. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, mülki sahə ilə bağlı biz Almaniya Texniki Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq edirik və Mənzil Məcəlləsi layihəsinin bir surətini onlara da təqdim etmək niyyətindəyik ki, bu gün müasir Avropada mövcud olan münasibətlərlə də bağlı müəyyən bir ekspertizada bizə köməklik göstərsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.40 dəq.)

Lehinə 101
Əleyhinə  0
Bitərəf 1
Səs vermədi  0  
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Qanun layihəsi 15 fəsil, 147 maddədən ibarətdir. Mən təklif edirəm ki, əvvəlcə I−V fəsilləri səsə qoyaq.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)

Lehinə 94
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun.
VI−X fəsillər.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)

Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0 
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun.
XI−XV fəsillər.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)

Lehinə 90
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2 
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun.
Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda bütövlükdə qəbul edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)

Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
Biz gündəliyi əvvəldən səsə qoyduq, qəbul elədik, amma bir məsələni nəzərinizə çatdırım. Komissiyanın sədri və üzvləri xahiş elədilər ki, gündəlikdəki beşinci məsələ − Hərbi qulluqçuların intizam həbsi haqqında qanun layihəsinin müzakirəsi gələn iclaslara keçirilsin.
Keçirik növbəti məsələyə. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsinə başlayırıq. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Əslində, təklif olunan əlavələr və dəyişikliklər çox qısadır. Bu əlavə və dəyişikliklər 69-cu maddədə verilmiş üfüqi nişanlanma xətləri ilə bağlıdır. Qeyd olunur ki, bu nişan xətləri artırılır. Nişanlar və məlumatverici − göstərici nişanlar sizə təqdim olunub. Bunlar yeni nişanlardır.
Qeyd etmək istəyirəm ki, bizim işçi qrupunun bir neçə iradı olmuşdu. Hesab edirik ki, məlumatverici − göstərici nişanlar Azərbaycan dilində olmalıdır. Bu qeydlərimizi qanunvericilik təşəbbüsü subyekti ilə də razılaşdırmışıq. Misal üçün, 5.42, 5.44 və sair maddələri göstərə bilərəm. Burada yazılar ingilis dilində idi, amma biz, təbii ki, onların Azərbaycan dilində düzəlişlərini etmişik. Biz buna uyğun olaraq səs verəcəyik. Sözsüz ki, burada xəbərdarlıq nişanları ilə bağlı müəyyən spesifik məsələlər də mövcuddur. Mən bu sahədə mütəxəssis deyiləm, ona görə biz bu məsələlərlə bağlı Dövlət Yol Polisindən parlamentə mütəxəssis dəvət etmişik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən bu dəyişikliklərin hamısını müsbət qarşılayıram və hesab edirəm ki, bunlar zəruridir. Amma 3.1.3-cü maddədə yeni bir xəbərdarlıq nişanı ilə bağlı müddəa var: “Tıxac yaranmış sahəyə yaxınlaşma barədə xəbərdarlıq”. Bu, “tıxac yarana biləcək sahəyə” olsa, daha doğru olar. Ona görə ki, elə ola bilər, həmin yolda tıxac olmasın.
Bir də, xəbərdarlıq nişanının üzərində saat göstərilsə, doğru olar. Yəni bilinər ki, hansı saatdan hansı saata qədər tıxacın yaranma ehtimalı var. Mən nəyə görə deyirəm ki, bu, “tıxac yarana biləcək yol nişanı” adlandırılsın? Ona görə ki, səhər saatlarında şəhərin mərkəzinə giriş yolunda tıxac ola bilər. Axşam saatlarında isə şəhərdən çıxış istiqamətində tıxac yarana bilər. Ona görə də orada axşam saatlarında şəhərə giriş istiqamətində tıxacla bağlı xəbərdarlıq nişanının qoyulmasına ehtiyac yoxdur. Amma nişan qoyulursa, onun üzərində qeyd olunmalıdır ki, səhər saat neçədən-neçəyə qədər tıxac ola bilər. Belə bir düzəliş edilsə, mənə elə gəlir ki, daha doğru olar, çünki həmin ərazidə tıxacın yaranmasını əvvəlcədən müəyyən eləyə bilmərik. Ona görə tıxac yarana biləcək sahədə saat da göstərilsə, doğru olar. Sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Son dövrdə Bakı şəhərində üfüqi nişanlanma xətləri ilə bağlı həddindən artıq problem meydana gəlib və burada müvafiq orqanın hörmətli nümayəndəsi də iştirak edirsə, bu, nəzərə alınmalıdır. Mən belə başa düşürəm ki, sarı xətlər həm də müstəqil şəkildə qoyula bilər. Bütün ictimai iaşə, ticarət obyektlərinin qarşısında, maşınların dayanmasına xüsusi ehtiyac olan yerlərdə sarı xətlər Bakı şəhərini bürüyüb. Bunun nəyə əsasən müəyyən olunması aydın deyildir. Son dövrdə maşınların küçələrdən götürülməsi üçün istifadə olunan “evakuator” deyilən maşınlar da çoxalmaqdadır. Bunlar istənilən yerdə həmin maşınların götürülməsi üçün şərait yaradır.
Mən nəyə görə buna xüsusi olaraq toxundum? Biz bu düzəlişləri edib məsələni bir qədər də çətinləşdirəcəyik. Çünki yeni nişanlar aydın olana qədər vətəndaşlar üçün xeyli əlavə problem yaranacaq. Əlbəttə ki, yol hərəkəti qaydalarına nəzarət eləyən Dövlət Yol Polisinin nümayəndəsi deyə bilər ki, onlara qanunla müəyyən vəzifə həvalə olunmuşdur və öz vəzifələrini yerinə yetirirlər.
Mən özüm sürücü deyiləm və sözün doğrusu, şəxsi avtomobilim də yoxdur. Amma, həqiqətən, bu sahə ilə bağlı bizə xeyli müraciət olub. Mənə elə gəlir ki, bu, deputatların özlərini, onların seçicilərini və çox geniş bir kütləni narahat eləyən bir məsələdir. Bu məsələyə aydınlıq gətirilməlidir, bu nəyə əsasən müəyyən olunur?
Mən konkret danışmaq, N. Nərimanov metrosu stansiyasının yanında baş verənləri qeyd etmək istəyirəm. Burada konkret kimisə şərləmək də çox çətindir. Əvvəlcədən yaxınlaşırlar ki, bizə bu xətti çəkməmək üçün müəyyən haqq verilməlidir. Mənə göstərdilər. Qorxusundan heç kəs belə məsələlərdə adını vermək istəmir. Amma gedib bunu yoxlamaq asandır. Sarı xətt əsas nəqliyyat üçün müəyyən problem yaranan yerdən yox, 10 metr o tərəfdən, deyək ki, kim rüsum verməyibsə, onun obyektinin qarşısından çəkilib. Bu cür halların aradan qaldırılması üçün hesab edirəm ki, Bakı şəhərində bu məsələyə qanunvericilik formasındamı, ya başqa normativ üsullamı nizam-intizam gətirilməlidir.
Mən bir məsələni də deyib, çıxışımı yekunlaşdırıram. Ola bilər, bu, böhranın artması ilə bağlıdır, son günlər cürbəcür insanlardan qanunsuz olaraq pul almağın forma və vasitələri artmaqdadır. Dövlət Yol Polisinin mərkəzi binası Biləcəridə yerləşir. Əvvəllər orada belə hal yox idi. Mənə bir neçə vətəndaş müraciət eləyib. Orada bir qapı qoyublar və şlaqbaum asıblar. Texniki baxışa gələn, məcburi şəkildə, yaxud həyətə sürdürülən maşınlardan ucdantutma 1 manat pul yığmağa başlayıblar. Burada müvafiq orqanın rəhbərliyi varsa, ondan o şlaqbaumun götürülməsini və bu məsələdə qanun-qayda yaradılmasını xahiş edirik.
Hörmətli deputatlar, mən dəfələrlə demişəm, şükür ki, artıq bizim müasir səviyyəyə uyğun, qaydaya salınmış yollarımız meydana gəlib. Amma sovet hökumətindən qalma o ensiz yollarda yol hərəkətinin təhlükəsizliyi baxımından müəyyən problem yaradan yol nişanları hələ də mövcuddur. Hətta mən sizə açığını deyim ki, onların çoxu qanunsuzdur, konkret olaraq rəsmən qoyulmuş nişanlar deyil. Mən bir daha yadınıza salıram. Qobustan qəsəbəsinin bir başında nişan var, o biri başında yoxdur. Bir tərəfdə 30 kilometr məsələsi qoyulub, ondan sonra səhra davam edir. Bu ora da aid olunub. Ona görə də Daxili İşlər Nazirliyindən və müvafiq orqanlardan on minlərcə, yüz minlərcə vətəndaşımızın gündəlik birgə yaşayışı ilə bağlı olan bu vacib məsələyə diqqət ayırmalarını xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan düzəliş çox vacibdir. Əgər statistikaya nəzər salsaq, görərik ki, il ərzində min nəfərdən artıq insan yol hadisələri zamanı dünyasını dəyişir, əlil olur, müxtəlif xarakterli xəsarət alır və xeyli nəqliyyat vasitəsi sıradan çıxır. Bilirsiniz ki, Azərbaycanın yolları artıq Avropa standartlarına uyğun şəkildə qurulur və yeni keçidlər müəyyənləşir. Bunu nəzərə alaraq yollarda belə göstərici işarələrin olması vacibdir, məqsədəuyğundur. Amma bunu təkcə nəqliyyat üçün deyil, həm də vətəndaşlar üçün də müəyyənləşdirmək lazımdır. Birinci hissə nəqliyyat vasitələri üçün həddindən artıq vacib olan məsələdir.
Burada şəhərin küçələri ilə əlaqədar bir fikir səsləndi. Avropanın bir sıra ölkələrində olmuşuq, bizim küçələrimizin eni onlarınkından daha enlidir. Amma problem nədən ibarətdir? Maşınların yarısını sağda, yarısını solda saxlayırlar. Əgər bu adam burada işləyirsə, çalışırsa və yaxud da yaşayırsa, mən bunu başa düşürəm. Kim harada və necə istəyir, maşınını saxlayır. Magistral, şəhərdaxili yollar var. Bu yollarda istənilən yerdə avtomobili saxlayıb, mağazadan bazarlıq edirlər. Heç kəs də buna demir ki, niyə maşını burada saxlamısan, niyə beş maşının yerini tutursan? Halbuki oradan beş maşın yanaşı keçə bilər, amma onun ucbatından iki maşın ancaq keçir. Bu cür problemlər şəhərdə nəqliyyat tıxaclarının yaranmasına səbəb olur. Müəyyən vaxtlarda bunun göstərilməsi də məqsədəuyğundur.
İkinci tərəfdən, Əli müəllim təqdim edib, amma mən hesab etmirəm ki, bunları bu formada eləyək. Bunun artıq Avropada elektron variantları var, biz də bu varianta keçməliyik və bunu elektron göstəricilərlə təmin eləməliyik. Yoxsa kimsə yazıb bir lövhə asacaq, o heç məqsədəuyğun deyil, bunu daha təkmil formada eləməliyik.
Deyəcəyim başqa bir məsələ insanlarla bağlıdır. Çox gözəl yeraltı keçidlər tikilib. Bəzilərində eskalatorlar işləyir. Amma yenə də insanlar keçmişdə haradan keçirdilərsə, oradan da keçirlər. Hətta “Torqovı” dediyimiz yerdə dəmirdən hasar çəkmişdilər, onu da sındırdılar. Yalnız sürücülərə deyil, vətəndaşlara da cərimə müəyyənləşdirilməlidir. Yeraltı keçid varsa, oradan keçməlisən, bunu dövlət sənin təhlükəsizliyin üçün tikib. Çünki ya zəlzələdən, ya da vəlvələdən bir hadisə baş versə, vətəndaşın qanı sürücünün üstündə qalır. Vətəndaşdan heç kəs soruşmayacaq ki, sən qanunu pozmusan, ya pozmamısan?
Almaniyada elə yollar var ki, orada vətəndaş qəzaya düşürsə, sürücü üçün heç bir problem yoxdur. Vətəndaşın özünü məsuliyyətə cəlb edirlər. Aeroport yolunda hər 300−400 metrdən bir yerüstü keçidlər quraşdırılıb. Görürsən ki, uşaqlar dəmir hasarların üstü ilə tullana-tullana bu başa, o başa keçir. Orada sürət də göstərilib: saatda 80−100 kilometr. Dövlət Yol Polisi də bunlarla bağlı izahat işləri aparmalıdır. Televiziyada bununla əlaqədar verilişlər getməlidir və vətəndaşa da, hüquq mühafizə orqanlarına da başa salınmalıdır ki, belə hal baş verərsə, məsuliyyət sürücünün yox, vətəndaşın üzərində qalır. Bu baxımdan, hesab edirəm ki, bu düzəlişləri etməliyik.
Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanda səfirliklərin sayı getdikcə artır. Hər səfirlik də qapısının ağzına işıqfor qoyur, istəyəndə işığını basır. Hamısı da insan hüquqlarından danışırlar. İşıq yanırsa, deməli, səfir çıxmalıdır, vətəndaşlar da bunu gözləməlidirlər. Heç bir qanunda yoxdur ki, səfirliyin qapısının ağzına işıqfor qoyulsun. Buradan keçəndə maşının sürəti 50 də ola bilər, 70-də. İnzibati Xətalar Məcəlləsi var, yol hərəkəti qaydaları ilə bağlı qanunlar var. Bunların heç birində belə şey yoxdur. Hansı hüquqa əsasən orada belə qurğular quraşdırırlar? Qurğuların yeri düzgün müəyyənləşməlidir. Harada vətəndaş çoxdursa, məktəb, uşaq bağçası varsa, orada bu qurğular olmalıdır. Səfir ayda bir dəfə işə gələcək deyə ora işıqformu qoyulmalıdır? Hesab edirəm ki, bu məsələlər tənzimlənməlidir. Hörmətli həmkarım Pənah Hüseyn qeyd etdi ki, nəqliyyat vasitəsindən əziyyət çəkir, nəqliyyat vasitəsi yoxdur. Hesab edirəm ki, özünü yaxşı aparsa, o da düzələr. Sağ olun.
Sədrlik edən. Mən hesab edirəm ki, bu dəyişikliklər yalnız dövlət yol nişanlarına aiddir. “Yol hərəkəti haqqında” Qanunda çox dəyişikliklər olmalıdır. Müvafiq komissiyaya tapşırmışıq, nazirliklə də danışmışıq, bu məsələlər yenidən işləniləcək.
Deyilən sözlərin hamısında həqiqət var. Həqiqətən, yollarımız enlidir, amma maşınlar sağdan-soldan yolları kəsirlər. Maşın dayanacaqları yoxdur. Bu məsələlər birdən həll olunmur. Artıq şəhərdə bir çox yerlərdə dayanacaqlar tikilir. London şəhərində maşınlar Bakıdan da çoxdur, ancaq orada tıxaclar yoxdur. Bunun səbəblərindən biri də həmin avtodayanacaqlardır. Hər yerdə maşın saxlamaq olmur, xüsusi yerlərdə maşınların nömrələri vurulur.
Bütün bunlar yenidən işlənilir və qanun layihəsinə dəyişiklik ediləcəkdir. Ancaq bu gün nişanların dəyişdirilməsindən söhbət gedir.
Çıxış üçün təkid eləyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)

Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2 
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəlikdə Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi var. Çıxış edənlər çox olacaq, ona görə fasiləsiz işləmək mümkün olmayacaq. Fasilə elan edilir.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerlərinizi tutun. Gündəliyin növbəti məsələsi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Qeyd etmək istəyirəm ki, bu dəyişikliklərin ilk növbədə səbəbi mövcuddur. Məsələ burasındadır ki, 2008-ci il oktyabrın 31-də parlament tərəfindən qəbul olunmuş qanunda bu müddəalar öz əksini tapmışdır. İndi isə qanunun tətbiqi haqqında əsasnaməyə də köçürülür. Yəni əslində, biz texniki baxımdan bu məsələni o zaman həll etməli idik. Ola bilər, o bizim nöqsanımız olub. Ona görə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun tətbiqi haqqında Əsasnamə”də də eyni ilə həmin müddəa təkrar olunur. Vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınıbsa, məhkum edilibsə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilibsə, bu söz əlavə olar. Amma bir daha vurğulayıram, bu, artıq “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunda mövcuddur, Əsasnaməyə də indi köçürülür.
O cümlədən “Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də də bu məsələ öz əksini tapır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamədə də eyni, oxşar dəyişikliklərdir. Bir daha vurğulamaq istəyirəm ki, müvafiq qanunlarda bu düzəlişlər öz əksini tapmışdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Görünür, biz qanunu qəbul edəndə bu hamımızın diqqətindən yayınıb. Burada söhbət ondan gedir ki, vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınıbsa, məhkum edilibsə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilibsə, onun ölkədən getmək hüquqları məhdudlaşdırıla bilər. Bu, tamamilə doğrudur və düzgündür. Biz bunu edirik, amma orada ikinci hissə var ki, ölkəyə gəlmək də müvəqqəti məhdudlaşdırıla bilər. Bu, tamamilə yolverilməzdir və Konstitusiyanın 53-cü maddəsinə ziddir. Konstitusiyanın 53-cü maddəsinin II hissəsində qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula bilməz. Yəni vətəndaşın ölkəyə buraxılmaması onun elə ölkədən qovulması deməkdir.
Yaxud elə əcnəbi olsun. Tutaq ki, əcnəbi Azərbaycanda cinayət törədibsə, şübhəli şəxs qismində tanınıbsa, yaxud cinayət məsuliyyətinə cəlb olunubsa... Əslində, dövlətlər xahiş edir ki, siz onu cinayət törətdiyi ölkəyə təhvil verin ki, burada onunla bağlı istintaq aparılsın. Amma biz deyirik ki, yox, o, Azərbaycanda cinayət törədib, biz onu Azərbaycana buraxmırıq. Yəni bu qanunun mətnindən belə çıxır. Yəqin ki, Əli müəllim də məni dinləyir, biz bu məsələ ilə bağlı müvafiq düzəliş eləməliyik. Burada ancaq qeyd olunmalıdır ki, cinayət işinin istintaqı ilə bağlı onun ölkədən getməsi məhdudlaşdırıla bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən komissiyanın üzvüyəm və təbii ki, komissiyanın üzvü olaraq qanun layihəsinə səs vermişəm və bunun tərəfdarıyam. Ancaq bir məsələ haqqında fikrimi demək istəyirəm. Biz müstəqil dövlət quruculuğu yolunda çox mühüm nailiyyətlər əldə eləmişik və dünyaya inteqrasiya yolunda, həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə ciddi nailiyyətlərimiz var. Bu inteqrasiya yolunda biz, hesab edirəm, pasportlar haqqında qanuna da müəyyən düzəlişlər eləməliyik.
Bizim şəxsiyyət vəsiqəmizdə əvvəlcə familiya, sonra ad, daha sonra ata adı gəlir. Amma əksər ölkələrdə, xüsusilə də Avropa ölkələrində birinci insanın adı, sonra soyadı gedir. Amerika Birləşmiş Ştatlarında ad, ata adı, sonra soyad gedir. Bu bizə nə üçün lazımdır? Bizim familiyaların dəyişdirilməsi haqqında qanunumuz var. Bilirik ki, son zamanlar vətəndaşlarımız familiyaları dəyişmək üçün ciddi addımlar atırlar. Bu da çox yaxşıdır, çünki familiyalarımızın milliləşməsi millətin pasportudur, göstəricisidir. Təbii ki, burada zorakılıq etmək olmaz. Hər kəs bunu könüllü edir. Amma siz görürsünüz ki, çox anormal alınır. Məhz ona görə bəziləri bunu dəyişmək istəmir. Gələcəkdə bizim komissiyamızda bu məsələ qaldırıla bilər, ümumiyyətlə, müvafiq icra qurumları da bununla məşğul ola bilərlər. Mən düşünmürəm ki, bunu dərhal eləmək lazımdır. Bunu nəzərdə tutub, biz mütləq gələcəkdə dünya standartlarına uyğunlaşmalıyıq.
Azərbaycan xalqının soy kökünə, tarixinə baxsaq, bizdə həmişə ad qabaqda gedib. Bizimlə bağlı olan bütün ölkələrdə də ad birinci deyilir, sonra soyad və yaxud ata, ana adı gəlir. Bu bir az anormaldır. Ola bilər, biz Sovet İttifaqının tərkibində olanda bu sistem qurulubdur. Amma hazırda Rusiyanın özündə də bununla bağlı iş gedir, familiyanın yox, adın qabaqda olması məsələsi orada müzakirə olunur və sənədlərin belə yazılmasının zəruri olduğu bildirilir. Mən düşünürəm ki, biz bu sahədə müəyyən addım atmalıyıq və gələcəkdə o qanuna düzəliş etməliyik. Hesab edirəm ki, rəhbərlik, müvafiq komissiyamız, Əli müəllim də bunu diqqətdə saxlamalıdır. Müvafiq qurumlarla məsləhətləşmələr apararaq, gələcəkdə mütləq bu addımı atmalıyıq, çünki bu, olduqca zəruridir. Xüsusilə familiyaların sonluqlarının dəyişməsində bunun zəruri olduğu aydın şəkildə üzə çıxır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Əli müəllim, münasibət bildirmək istəyirdiniz? Buyurun.
Ə. Hüseynov. Ziyafət müəllim, mən Qüdrət müəllimin qaldırdığı məsələ ilə bağlı onu deyə bilərəm ki, biz artıq qanunda bunu qəbul etmişdik və Əsasnaməyə köçürürük. Ona görə ölkəyə gəlmək hüququ ilə bağlı məsələni biz bir daha komissiyada araşdırarıq. Amma bütövlükdə belə deyək, o, təklifin ruhuna zidd deyil.
Mübariz müəllimin qaldırdığı məsələ də çox vacibdir. Vaxtilə də belə bir fikir, ideya olmuşdur ki, bəlkə pasportlar haqqında bir qanun qəbul olunsun və ümumiyyətlə, qeydiyyat, pasport və digər bu kimi məsələlər bir qanunda öz əksini tapsın. Düzü, çox yaxşı ideyadır, amma biz bu sahədə işimizi yekunlaşdıra bilməmişik. Prinsipcə mən bu ideyanın tərəfdarıyam və komissiyada bu məsələyə baxa bilərik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Əgər başqa çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16. 21 dəq.)

Lehinə 95
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Komissiya sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Ölkəmiz demokratik cəmiyyət quruculuğu və liberal iqtisadiyyatın inkişafı sahəsində inamlı addımlar atır, əmək münasibətləri gündən-günə tənzimlənir, təkmilləşir, işçi, işəgötürən və hökumət münasibətləri Milli Məclisin qəbul etdiyi qanunlarla özünün dəqiq həllini tapır.
1999-cu ilin fevral ayında ulu öndərimiz Heydər Əliyev tərəfindən imzalanmış Əmək Məcəlləsi inkişaf etmiş klassik bazar iqtisadiyyatına malik ölkələrin müvafiq qanunvericiliyindən və beynəlxalq təcrübədən bəhrələnərək model qaydada hazırlanmışdır. Məcəllə son 10 ildə bir neçə dəfə Azərbaycan vətəndaşlarının mənafeyinə uyğun olaraq dəyişdirilmiş və bu sənədə 42 əlavə və dəyişiklik edilmişdir. Xronoloji olaraq 2001-ci ildən etibarən hər il bu məcəlləyə 2, 4, 6, bəzi illərdə 7 əlavə və dəyişiklik edilmişdir. Dünən möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Gülüstan” sarayında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramının həyata keçirilməsinin 5-ci ildönümünə həsr olunmuş geniş müşavirədə ölkədə gedən yüksəlişi, inkişaf proseslərini, bu sahədə mövcud olan hüquqi bazanın daim təkmilləşdirilməsinə ehtiyac olduğunu xüsusi vurğuladı.
Müzakirənizə təqdim olunan əlavə və dəyişikliklər Milli Məclisin Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyalarının birgə iclasında müzakirə olunmuşdur. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ədliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Həmkarlar və Sahibkarlar Konfederasiyasının son üç ildə apardığı araşdırma və təhlillərinin nəticəsində ortaya çıxmışdır. Layihəyə bir neçə dəfə komissiyada baxılmış, sonra geniş ictimaiyyətə təqdim olunmuş, ən nəhayət, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ölkənin elmi ictimaiyyətinin iştirakı ilə bir daha əsaslı şəkildə müzakirə edilmişdir. Komissiyamızın təşəbbüsü və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin iştirakı ilə keçirilən monitorinqin nəticəsində məcəllənin tətbiqi zamanı meydana çıxan mübahisə xarakterli məsələlər, ziddiyyətlər, qanunvericilikdəki boşluqlar hərtərəfli öyrənilmiş, təhlil edilmiş və 200-ə yaxın bu və ya digər məzmunda əlavələrə, dəqiqləşdirmələrə, stilistik xarakterli məqamlara ehtiyac olduğu müəyyənləşdirilmişdir. Onu da qeyd eləmək istəyirəm ki, yaradıcı proses daim davam edəcək, çünki bu məcəllə ən işlək və ən dinamik qanunvericilik aktı sayılır. Biz, habelə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası bu sənədin üzərində işləməyə daim hazırıq.
Demokratik inkişaf yolunu seçmiş respublikamızda həyatın özündən, ictimai münasibətlərin xarakterində baş verən dəyişikliklərdən, onların dinamikasından irəli gələn məsələlərin, məhz əmək münasibətlərindəki bir sıra yeniliklərin hüquqi tənzimlənməsi üçün Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi sizin müzakirənizə təqdim edilibdir.
Layihədə konkret olaraq 44 maddəyə əlavə və dəyişiklik edilməsi nəzərdə tutulubdur. Onları təsnifatlandırmaq, bir sistemə uyğunlaşdırmaqla, əsasən, beş qrupa ayırmaq olar. Birinci qrupa aid olan məsələlər kollektiv müqavilələrin və əmək münasibətlərinin təkmilləşdirilməsinə həsr olunubdur. İkinci qrupun məsələlərində istirahət, bayram, səsvermə və ümumxalq hüzn günlərinin nəzərə alınması və o vaxtlarda vətəndaşların işə çıxmalarına görə əməyinin ödənilmə mexanizminin sistemləşdirilməsi nəzərdə tutulur. Üçüncü qrupun məsələləri müxtəlif növ məzuniyyətlərin verilməsi qaydalarını özündə ehtiva edir. Dördüncü qrup məsələlərə düzəlişlər, əməyin mühafizəsi ilə bağlı problemlər daxil edilibdir. Beşinci qrupa dair məsələlər isə stilistik, redaktə xarakterli bir sıra dəqiqləşdirmələrdən ibarətdir. Layihədə nəzərdə tutulan bütün müddəalar daha çox işçinin mənafeyinin bilavasitə qorunmasına, onun sosial müdafiəsinin gücləndirilməsinə yönəlsə də, ayrı-ayrı maddələrdə işəgötürənin maraqları da nəzərə alınmış və bu məsələ daha da təkmilləşdirilmişdir.
Qanun layihəsi Maliyyə Nazirliyi və digər əlaqədar qurumlarla razılaşdırılmış, ölkənin mövcud maliyyə imkanlarına və reallıqlara uyğunlaşdırılmışdır. Layihə sizə paylanılıb, hamınız bu sənədlə tanış olmaq imkanı əldə etmisiniz. Mən bir neçə əsas müddəaların üzərində dayanmaq istəyərdim. Kollektiv müqavilələrlə bağlı olaraq sazişlərin hazırlanması, bağlanması və onlarda dəyişikliklərin vaxtında aparılmasının həyata keçirilməsi üçün tərəflərin hüquq bərabərliyinin qorunmasına dair burada konkret vaxt, müəyyən qadağalar, əlavə səlahiyyətlər nəzərdə tutulmuşdur. Məcəlləyə “Əmək münasibətləri yaratmayan və yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz” müddəası əlavə edilibdir. Bu da birmənalı olaraq əmək müqavilələrinin bağlanmasına həm işəgötürəni, həm də işçini sövq edir. Burada sınaq müddətləri ilə bağlı olan məsələlər öz əksini tapıbdır. Bu da hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara, habelə 3 yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası üzrə ilk dəfə işə götürülən, ödənişli seçkili vəzifəyə seçilən, 2 ay müddətinə qədər əmək müqaviləsi bağlanılan şəxslərə şamil edilib və onların müdafiəsinə yönəlibdir.
Əvəzçilik qaydasında işləyənlərin də əmək hüquqlarının yaxşılaşdırılması üçün 58-ci maddəyə əlavələr edilibdir. Bildiyiniz kimi, əvvəlki illərdə belə bir məsələ var idi ki, bir yerdə əvəzçilik eləmək olardı. O da işəgötürənin razılığı ilə mümkün idi. Bu maddədə etdiyimiz dəyişikliklər birbaşa əvəzçiliyə imkan verir. Vətəndaşlar özlərinin həmişə çalışdığı yerdə, onlara problemlər yaratmırsa, istənilən yerdə işləyə bilərlər. Ən maraqlı, diqqəti cəlb edən məsələlərdən biri 77-ci maddəyə edilən dəyişiklikdir. Burada hərbi xidmətdən qayıtdıqdan sonra işçiyə əvvəlki iş yerinə qayıtmaq hüququ yaradılıbdır. Bu hüququ, əgər yadınıza gəlirsə, biz “Gənclər siyasəti haqqında” Qanunda da bərpa etmişdik. Bu gün həmin məsələ Əmək Məcəlləsinə daha da konkret şəkildə köçürülür. Biz işçiyə imkan veririk ki, 60 gün müddətində işəgötürənə müraciət etsin və bu vaxt ərzində öz yerinə bərpa olunsun. Bu da sosial müdafiənin daha da gücləndirilməsinə xidmət edir.
Əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı sosial müdafiə yenə də güclənib. Burada əlili olan ailələrin müdafiəsinə xüsusi yerin verilməsi, hesab edirəm ki, çox vacib məsələlərdən biridir.
Məcəllədə məzuniyyətlərlə bağlı bir sıra məsələlər öz əksini tapıbdır. Mövsümi işləyən adamlara əvvəllər, bildiyiniz kimi, məzuniyyət verilmirdi. İndi isə mövsümi işləyən adamlara hər iş ayına görə iki təqvim günü müddətində məzuniyyət verilməsini nəzərdə tutmuşuq. Eyni zamanda, bu adamlar həmin günlərin pulunu da ala bilərlər. Burada bir məsələ, ola bilər ki, ilk baxışdan emosional görünsün. Arvadının hamiləliyi və arvadının doğuşu ilə əlaqədar olaraq kişilərin məzuniyyətinin həmin vaxtlara salınması məsələsi də, mən hesab edirəm, çox düzgündür, çünki həmin ailələrdə bununla bağlı bir çox hallarda problemlər yaranır.
Burada, eyni zamanda, məzuniyyətin yeni növləri müəyyənləşdirilib, “sosial məzuniyyət” fikri ehtiva olunubdur, bəzən öz hesabına götürülən məzuniyyətin müddətləri artırılıb, 18 yaşına qədər uşaqları olan işçilərə 30 təqvim gününə qədər məzuniyyət götürmək imkanı yaradılıbdır. Əlil uşaqlarla, ailələrin məişət problemi ilə bağlı olan bu məsələlərə görə 14 təqvim gününə qədər məzuniyyətin verilməsi qanun layihəsində öz əksini tapıbdır. Digər bir məsələ əməyin müdafiəsi, işçilərin təhlükəsizliyi ilə bağlıdır. Havanın temperaturu 41 dərəcədən çox, ilin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur müsbət 14 dərəcədən aşağı olan vaxtlarda işə imkan verilməməsi bəndləri də diqqəti cəlb edir.
Əlbəttə, mən bütün qalan məsələlər haqqında vaxtınızı alıb danışmaq istəmirəm. Burada xeyli texniki, redaktə xarakterli düzəlişlər olub ki, bunların hamısı son nəticədə yenə də vətəndaşın, işçinin sosial müdafiəsinə xidmət edir. Hesab edirəm ki, qanun layihəsi bu günümüz üçün xüsusi əhəmiyyət kəsb edən bir sənəddir və mən deputat həmkarlarımdan xahiş edirəm ki, buna səs versinlər və öz səsvermələri ilə bizim vətəndaşların sosial müdafiəsini bir az da gücləndirsinlər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Hadi müəllim, çox sağ olun, təşəkkür edirəm. Hörmətli həmkarlarım, nəzərinizə bir məlumatı çatdırmaq istəyirəm. Bizim bugünkü iclasımıza Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini hörmətli Aynur xanım Sofiyeva − bizim keçmiş həmkarımız və komitənin əməkdaşları dəvət olunublar. Aynur xanım, əgər istəsəniz, Sizə də söz verə bilərik. Müzakirəyə keçirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə? O qədər də adam yazılmayıb, cəmi 9 nəfərdir. İndi kim istəyər 5 dəqiqə danışar, kim istəyər 6 dəqiqə danışar. Hər halda məhdudlaşdırmağa, mənə elə gəlir, ehtiyac yoxdur. Qalsın. Fazil Mustafa, buyurun.
F. Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bu Əmək Məcəlləsinə dəyişikliklər və əlavələrlə bağlı bir sıra mütərəqqi müddəaların bura salınmasını müsbət qarşılayıram. Hesab edirəm ki, bu məcəlləyə daha geniş bir şəkildə yanaşmaq mümkün idi. Xüsusilə, siz diqqət edirsinizsə, 25-ci maddədə göstərilir ki, kollektiv müqavilələrin bağlanması üçün xüsusi komissiyaların yaradılması imkanı nəzərdə tutulur və həmkarlar ittifaqı təşkilatı olmadıqda da bu tanınır. Ümumiyyətlə, biz gələcəkdə əmək qanunvericiliyinə, həmkarlar təşkilatının yaranmasına əngəl yaradan mexanizmləri ortadan qaldırmalıyıq. Hər hansı xüsusi komissiya müvəqqəti xarakter daşıyır və müəssisədə işçilərin yerdəyişməsinin dinamikliyini nəzərə alsaq, onların orada işləyən insanların marağını təmin edə biləcək gücdə olmadıqlarını açıb göstərir.
Məncə, gələcəkdə həmkarlar ittifaqının rolunun artırılması, onun yaranmasına qarşı süni maneələrin ortadan qaldırılması istiqamətində qanunvericilikdə müddəalara yer verilməlidir. Burada toxunmaq istədiyim 43-cü maddə daha çox işəgötürən və əmək müqaviləsinin məzmunu ilə bağlıdır. Bildiyiniz kimi, qanunvericiliyin 42-ci maddəsində 15 yaş həddinə çatmış şəxsin əmək müqaviləsinin tərəfi ola bilməsinə icazə verilir. Amma biz burada əlavələrdə qeyd edirik ki, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, verildiyi tarix və vəsiqəni verən orqanın adı əks olunur. Hər hansı bir vətəndaş 15 yaşında şəxsiyyət vəsiqəsi almır. Bu, yaş məsələsinə görə uyğun gəlmir. Ona görə də burada şəxsiyyət vəsiqəsindən əlavə şəxsiyyəti təsdiq edən digər sənədlərin nömrəsi, verildiyi tarix və adı nəzərdə tutula bilər. Yəni yalnız şəxsiyyət vəsiqəsi ilə məhdudlaşdırılma işəgötürmə ilə bağlı müəyyən bəhanələr yarada bilər. Çünki 15 yaşında uşaqlara verilən sənəd şəxsiyyət vəsiqəsi kimi qəbul olunmur. Bizdə daha çox pasport qeydiyyatı idarəsindən verilən sənədə istinad edirlər.
77-ci maddədə, − çox hörmətli Hadi müəllim burada qeyd etdi, − müddətli hərbi xidmətdən qayıdanların iş yerinin saxlanılması məsələsi öz əksini tapıbdır. Ehtiyata buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək bu şəxslər vəzifəyə qayıtmaq hüququna malikdirlər. Bu, çox müsbət bir addımdır. Məncə, bu maddənin dispozisiyasında bir az uyğunsuzluq var. Məsələn, deyək ki, bir nəfər hərbi xidmətə gedir, orduda olduğu müddətdə onun iş yeri və vəzifəsi saxlanılır. Həmin müddətdə iş yeri və vəzifəsinin saxlanmasının onun üçün nə əhəmiyyəti var? O vəzifə boş qalmayacaq, ora kim isə təyin olunacaq. Əsas odur ki, o, hərbi xidmətdən qayıdandan sonra o yer boşaldılsın. Şübhəsiz, o olmadığı müddətdə müəssisə işini dayandırmayacaq. Bəlkə elə vəzifədir ki, həmin yeri boş qoymaq olmaz, ora kimi isə təyin etmək lazımdır. Biz işəgötürənin üzərinə niyə belə öhdəlik qoymalıyıq? İl yarım ərzində o vəzifədə kim isə bu işi icra etməlidir. Ona görə də burada daha çox vəzifəni hərbi xidmətdən qayıdandan sonrakı dövrə aid etmək lazımdır ki, həmin şəxsin vəzifəyə, yaxud da ona uyğun bir işə qayıtması imkanı tanınsın. Bu, olduqca vacibdir. Bütövlükdə özəl müəssisələrdə bununla bağlı çox problemlər üzə çıxır. Hərbi xidmətə gedən şəxs uzun illər iş axtarır, özəl müəssisədə iş tapır, orduya gedib qayıdandan sonra həmin özəl xidmət sahəsi və ya müəssisə qanunvericiliyə uyğun qaydada fəaliyyətini dayandırır. Vətəndaş yenə hərbi xidmətdən qabaqkı əziyyətini bir il, iki il təkrarlamağa məhkum olur.
Dövlətdə hərbi xidmət müəyyən dərəcədə xüsusi istisna təşkil edir. Vətənə xidmət şərəfli bir işdir və gənclər bunu müqəddəs borc kimi yerinə yetirirlər. Dövlət də bunu əsas iş kimi üzərinə götürməli, hərbi xidmətdən qayıtmış şəxslərin adekvat olaraq, heç olmasa, müəyyən özəl müəssisələrdə hansı formada isə onlara təsir göstərərək işlə təmin olunmalarına şərait yaratmalıdır.
Sonuncu, vaxtı çox uzatmaq istəmirəm, hava temperaturu ilə bağlı iş şəraitinin qısaldılması, yaxud da dayandırılması ilə bağlı məsələlərə diqqətinizi cəlb etmək istəyirəm. Bizdə istilik temperaturu 41 dərəcədən yuxarı göstərilir. Bu, açıq mühit üçün göstərilir. Qapalı mühit üçün isə soyuq temperatur 12 dərəcə göstərilir. Selsi ilə 45 dərəcə istilik, 12 dərəcə soyuqluq göstərilir. İndi biz havaya necə proqnoz verə bilərik? Soyuq hava mənfi 3, 5, 10 dərəcəmi olmalıdır? Söhbət təkcə Bakıdan getmir. Azərbaycanın bir çox rayonları da var. Xüsusilə dağlıq rayonlarında maksimum soyuq temperatur olur. Bütün bunlar nəzərə alınmalıdır. Məncə, bu, gələcəkdə bizim üçün müəyyən çətinlik yaradacaq. Soyuq olmayacaqsa, təbii ki, iş dayandırılmayacaq. Mən hər halda əmək qanunvericiliyində bunun nəzərdə tutulmasını zəruri hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən vaxtınızı bir-iki dəqiqəlik alacağam. Sözün doğrusu, məsələyə iclasın birinci hissəsində toxunmaq istəyirdim, amma adətən, belə hallarda hörmətli Sədrimiz deyir ki, bunu jurnalistlərə görə edirik. Mən də gözlədim ki, buna jurnalistlərin olmadığı mərhələdə toxunum. Bilirsiniz ki, bizim bir qisim deputatımız tərəfindən Xocalı soyqırımı ilə bağlı aparılan təhqiqat haqqında Milli Məclisdə məlumat verilməsi məsələsi qaldırılmışdı. Çox təəssüf ki, bu il də istər iqtidar yönlü, istərsə də digər başqa partiyaların nümayəndələri tərəfindən məsələ qaldırılsa da, həyata keçirilmədi.
İkincisi, düzdür, mən çıxış etməmişdən cəmi bir neçə dəqiqə əvvəl hörmətli Əli müəllim Hüseynov bildirdi ki, təqdim etdiyim, − səhv etmirəmsə, bir dəfə Zahid müəllim də bildirib ki, onun tərəfindən belə bir qanun layihəsi hazırlanıbdır, − Xocalı soyqırımı haqqında Azərbaycan Respublikası qanununun layihəsi daimi komissiyada müzakirə olunacaqdır. Bu məsələni də diqqətə çatdırım ki, hər halda, təkrar edirəm, belə bir qanunun, yaxud hüquqşünaslar tərəfindən hazırlanmış buna oxşar hüquqi sənədin qəbul edilməsi fövqəladə əhəmiyyətə malik idi. Qanunvericilik bazasında yüksək yeri ola biləcək belə bir qanunun təsbitini özümüz həyata keçirməsək, şübhəsiz ki, digər ölkələrdən, parlamentlərdən bu məsələyə ciddi münasibətin bəslənməsini, mənə elə gəlir ki, gözləyə bilmərik.
Nəhayət, respublikanın Baş Prokurorluğuna istər Xocalı soyqırımı, istərsə də Ermənistanın ölkəmizə təcavüzü dövründə baş vermiş digər kütləvi qırğınlar, soyqırımı aktları, terror hadisələri və müharibə cinayətləri ilə əlaqədar ittiham olunan şəxslərin sırasında terrorçu bir qurum, təşkilat olan “Artsax respublikası hökuməti”nin, indi də Ermənistanın işğalçı hökumətinin rəhbər vəzifələrində işləmiş, yenə də işləyən Serj Sərkisyan və Robert Köçəryan haqqında cinayət işinin qaldırılıb-qaldırılmaması barədə biz deputat sorğusu göndərmişdik. Təəssüf ki, ona cavab yoxdur. Mətbuatda gedən məlumatlarda isə bildirilir ki, haqqında cinayət işi qaldırılan, bu işlərə görə beynəlxalq, yaxud daxili axtarış elan olunan şəxslər arasında bu iki nəfərin heç birinin adı yoxdur. Bu məsələyə də, mənə elə gəlir ki, aydınlıq gətirilməlidir.
Mən konkret müzakirə olunan məsələnin müzakirəsinə keçirəm. Sözün doğrusu, bu, hörmətli Hadi müəllimin rəhbərlik etdiyi Sosial siyasət daimi komissiyasında hazırlanmış məsələlər içərisində deputat olduğum müddətdə mənim ən müsbət dəyərləndirdiyim bir qanun layihəsidir. Bunların əksəriyyəti işçilərin və əməkçilərin mənafeyinə uyğun olan əlavələr, düzəlişlər, dəqiqləşmələrdir. Əvvəlki, yəni xüsusən komissiyalarda müzakirəyə qədərki daha böyük əhəmiyyəti olan bir çox məsələlər, belə çıxır ki, buradan götürülmüşdür. Bir sıra ödənişli, ödənişsiz məzuniyyətlərin yenə həmin şəkildə qalması, maliyyə vəsaiti ilə bağlı olan müddəaları nəzərdə tuturam. Hər halda, bir daha təkrar edirəm, burada təklif olunan əlavələr, düzəlişlər, dəyişikliklər bütövlükdə Əmək Məcəlləsinin təkmilləşməsinə və daha mütərəqqi xarakter almasına kömək edir.
Hörmətli deputatların, o cümlədən hörmətli Hadi müəllimin diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Bilirsiniz ki, bütün dünya, həmçinin Azərbaycan da sosial-iqtisadi vəziyyət cəhətdən bir fövqəladə mərhələyə daxil olubdur. Açığı, biz elə bir mərhələyə daxil olmuşuq ki, bu, təkcə bizim ölkəyə, bizim Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya aiddir. Elə bil, bir növ sosial-iqtisadi zəlzələ dövründə yaşayırıq. Bu, bir çox qanunların maddələrinə, hüquqi aktlara, qaydalara, əmək qanunvericiliyi ilə tənzimlənən münasibətlərə özəl şəkildə yenidən, yaxud bu istisna halları müstəsna vəziyyət kimi nəzərə alaraq baxmağı tələb edir. Bunlara xüsusən hansılar aiddir? Gizli deyil ki, bir daha təkrar edirəm, bunlar hal-hazırda bütün dünyada, hətta ən inkişaf etmiş ölkələrdə, çox böyük şirkətlərdə müşahidə etdiyimiz sosial cəhətli əmək münasibətlərini əhatə edir.
İşsizlərin kütləvi halda ödənişsiz məzuniyyətlərə göndərilməsi məsələsi, bilirsiniz ki, bütün dünyada baş verir, işsizlik faktının 100 il, bəlkə də növbəti ən azı 50 il ərzində ən yüksək bir səviyyəyə çatmasını göstərən və hələ davam edən tendensiyadır. Ümumiyyətlə, biz əmək müqaviləsinə kütləvi şəkildə xitam verilməsini müşahidə edirik. Biz nə qədər bunu müəyyən siyasi baxışlar, siyasi maraqlar baxımından pərdələmək istəsək də, yaxud bunun müvəqqəti olduğuna özümüzü inandırmaq istəsək də, açığı, təkrar edirəm, bu məsələ dərinləşməkdədir. Mənə elə gəlir ki, Əmək Məcəlləsində də bu münasibətləri tənzimləyən yeni maddələrə ehtiyac vardır.
Konkret olaraq bu gün mənə Milli Məclis Aparatının işçiləri bura daxil olmuş 20 məktub verdilər. Mən rayonla əlaqə saxladım, bununla bağlı mənə bildirdilər ki, məktublar gəlməkdə davam edir. Bizim Sabirabad rayonunda Qafqaz Holdinq Cəmiyyətinin iki sənaye müəssisəsi, səhv etmirəmsə, üç müəssisəsi var. Onların ikisindən bizə məktublar daxil olmağa başlayıb. May ayından başlayaraq işçiləri kütləvi şəkildə 3 aylıq öz hesablarına məzuniyyətə buraxıblar və onları daha işə bərpa etmirlər. Həmin may ayına qədər bəzilərinin 1500, bəzilərinin 800, 900 AZN məbləğində və başqa məbləğlərdə əmək haqları orada saxlanmışdır. İndi onlar nə bu əmək haqlarını ala, nə də işə bərpa oluna bilirlər. Onlara işlədikləri konkret işə görə əmək haqları ödənilmir. Yalnız məhkəmə variantı qalır ki, guya onlar ora müraciət edib öz haqlarını tələb edə bilərlər. Davam etməkdə olan bu hala respublikanın bir çox yerlərində rast gəlmək mümkündür, yəni bu, hamımıza məlum olan bir məsələdir.
Konkret fərdi əmək müqavilələri bağlanılmır. Xüsusən tikintilərdə bir nəfər bütöv bir kollektivin adından əmək müqaviləsi bağlayır. Məsələnin bu tərəfi bizim Əmək Məcəlləsində konkretləşməyib və konkret şəkildə tənzimlənmir. Deyək ki, hansısa bir tikinti işi ilə bağlı 5-6 aylıq, ya da müəyyən bir konkret işin müddəti göstərilmədən, həcmi nəzərdə tutulan müqavilələr bağlanılır. Bunun nəticəsində onlara nə bizim burada müşahidə etdiyimiz məzuniyyətlər, nə də ödənişsiz məzuniyyətlər verilir. Onlar hətta işdən kənar olunanda da, bir daha təkrar edirəm, öz haqq və hüquqlarını konkret bu məcəlləyə uyğun müdafiə etmək hüququndan məhrum olurlar. Mən hörmətli Hadi müəllimdən xahiş edirəm ki, məsələnin olduqca ciddi bir miqyasda nəzərə çarpdığını və getdikcə bu miqyasın artacağını nəzərə alaraq bizim Əmək Məcəlləmizdə onları tənzimləyən norma və qaydaların və müvafiq mexanizmlərin əks olunmasını təmin edən düzəlişlərə, əlavələrə təcili baxılsın. Ona görə ki, biz gündən-günə, aydan-aya yeni-yeni hallarla üzləşirik və bunlar yenə davam edəcək.
Sonda, hörmətli deputatlar, mənə elə gəlir ki, qarşıdan hökumətin hesabatı gəlir. Bu müəssisələr və şirkətlər, mənə elə gəlir ki, yaranmış vəziyyətin öhdəsindən gələ bilməyəcəklər. Bunu açıq demək lazımdır ki, onların bir çoxunun maddi, maliyyə resursu olmadığından əmək müqavilələri pozulmaqda davam edəcəkdir. Bizim Əmək Məcəlləsi də bu ştat ixtisarlarına imkan verir. Bu yolla işəgötürən işçilərin həmin əmək müqavilələrini pozacaq. Bu baxımdan Azərbaycan Respublikasının hökuməti məsələləri tənzimləmək üçün həmin istiqamətdə fövqəladə tədbirlər həyata keçirməlidir. İşçilərin işdə qalması, yaxud onlara müəyyən dövr üçün məzuniyyətlərinin ödənilməsi üçün xüsusi maliyyə vəsaitinin ayrılması üzərində düşünülməlidir.
Mən bu məsələni nəyə görə qaldırdım? Məsələ mətbuatda kifayət qədər işıqlandırıldığına görə mən buna bir daha münasibət bildirdim. Hörmətli Hadi müəllimin komissiyası çox mütərəqqi bir düzəliş də etmişdir. Əlbəttə, qadınların uşaq doğuşu vaxtı kişilərə ödənişli məzuniyyətin verilməsi, onların ailədə müəyyən funksiyaları öz üzərlərinə götürmələri yaxşı haldır. Bütün respublikada bunu məsxərəyə qoyanlar, lağlağı obyektinə çevirənlər də oldu. Hətta kişilər üçün “hamiləlik məzuniyyəti” kimi bir ad da ortalığa gətirdilər. Əslində, biz bilirik ki, bu məsələ Maliyyə Nazirliyinin etirazı üzündən qəbul edilmədi. Mən təkrar edirəm, Maliyyə Nazirliyi hər halda bütün ehtiyatları hərəkətə gətirmək barədə tədbirlər görməlidir ki, Azərbaycan Respublikasının müəssisələri, şirkətləri, o cümlədən özəl müəssisələri bu vəziyyətdən çıxa bilsin. Bunun üçün dövlət yardımı məsələsini də həll etmək lazımdır. Bu, onsuz da, mütləq olacaqdır. Əks təqdirdə, təkrar edirəm, biz yaxın bir neçə ayda bunun çox ciddi fəsadlarını görə bilərik. Mən məcəlləyə əlavə və düzəlişlərin lehinə səs verəcəyəm. Təki Hadi müəllim bu cür mütərəqqi məsələləri Milli Məclisə çox gətirsin. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun, Pənah bəy. Hadi müəllimin komissiyasına ilk dəfə çox böyük qiymət verdiniz. Ancaq Pənah müəllim bəzi iqtisadi məsələlərə yenilik gətirmək istəyir ki, ödənişsiz məzuniyyətə pul versinlər. Bu, özəl şirkətlərdir. Dövlət şirkətlərindən söhbət getmir. İmkan daxilində öz hesabına məzuniyyətə buraxıb ona necə məzuniyyət verə bilər? Bu, populist çıxışdır. Dünyanın heç bir qanunvericiliyində belə şey yoxdur. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Əmək Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər Əmək Məcəlləsinin hüquqi baxımdan daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlə işçi arasındakı əmək münasibətlərinin daha sivil qaydada tənzimlənməsinə xidmət edir. Bu əlavə və dəyişikliklər birmənalı şəkildə işçinin mənafelərini müdafiə edir və düşünürəm ki, bu, təqdirəlayiq bir haldır.
Əmək Məcəlləsinə 105-1-ci maddənin əlavə olunmasını mən xüsusilə alqışlayıram. Çünki bu, “Səsvermə günü” adlanır və onun iş günü hesab edilməməsi Əmək Məcəlləsində təsbit olunur. Düzdür, əvvəllər də Azərbaycan hökumətinin müvafiq qərarı ilə səsvermə günü iş günü hesab olunmurdu. Amma mən düşünürəm ki, bu qaydanın Əmək Məcəlləsinə gətirilməsi və təsbit olunması hüquqi baxımından xüsusilə vacibdir.
Əmək Məcəlləsinin 52-ci maddəsinə olunan əlavədə sınaq müddəti müəyyən edilməyən halların nəzərdə tutulması işçilərin hüquqlarının müdafiə olunması baxımından xüsusilə əhəmiyyətlidir. 233-cü maddədə işin dayandırılması və fasilələrin verilməsi üçün temperatur limitinin müsbət 45 dərəcə Selsidən müsbət 41 dərəcə Selsiyə endirilməsini, habelə örtülü, lakin isidilməyən binalarda temperaturun 12 dərəcə Selsidən müsbət 14 dərəcə Selsiyə qaldırılmasını mən əhəmiyyətli hesab edirəm. Bu cür dəyişikliklərin siyahısını uzatmaq olar. Bu, hörmətli Hadi müəllimin təqdimatında da göründü.
Yeri gəlmişkən, hörmətli Hadi müəllimə və rəhbərlik etdiyi komissiya üzvlərinə öz təşəkkürümü bildirirəm ki, komissiyanın müzakirəsində səslənən təkliflərin böyük əksəriyyəti bu layihədə öz əksini tapıb. Amma mənim bir-iki təklifim də var və düşünürəm ki, bunları müzakirə etmək zərərli olmazdı. Birincisi, 130-cu maddədə işçilərin xahişi ilə ödənişsiz məzuniyyətin hissə-hissə bölünməsi qaydası tətbiq olunur. Biz bilirik ki, 137-ci maddəyə əsasən işçinin əmək məzuniyyətindən hissə-hissə istifadə etmək hüququ, yəni məzuniyyətin bölünməsi qaydası təsbit olunur. Amma mən düşünürəm ki, ödənişsiz məzuniyyətlərin tətbiqi daha yaxşı olardı. Çünki ödənişsiz məzuniyyətlər bu və ya digər zərurət qarşısında götürülür. Misal üçün, qəbul imtahanlarında imtahan verən abituriyent üçün, ola bilsin ki, 14 gündən birdəfəyə istifadə etmək lazım olmasın, hissələrlə istifadə etmək lazım gəlsin. Əgər biz həmin siyahıya nəzər yetirsək görərik ki, bundan hissələrlə istifadə etmək daha məqsədəuyğundur. Bu baxımdan düşünürəm ki, belə bir qaydanın tətbiq olunması daha yaxşı olardı.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş bayramlardan yalnız üçü – Milli dirçəliş günü, Konstitusiya günü və Müstəqillik günü iş gününə düşən bayram günləridir. Amma 108-ci maddəyə əsasən iş günü hesab edilməyən bayram günlərindən əvvəlki gün iş günü bir saat qısa olur. Mən düşünürəm ki, belə bir qaydanın iş günü hesab edilən bayramlara da tətbiq edilməsi daha yaxşı olardı. Təsəvvür edin ki, Novruz bayramı beş gündür, ondan əvvəlki iş günü isə bir saat qısadır. Bunun bəlkə də böyük əhəmiyyəti yoxdur. Amma düşünürəm ki, iş gününün bir saat qısa olması işçilərin mənafeyinin müdafiəsi baxımından yerinə düşərdi. Bununla yanaşı, mən Əmək Məcəlləsinə olunan dəyişiklikləri müsbət qiymətləndirirəm və hesab edirəm ki, bunlar zəruridir. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu layihənin qəbul olunmasına səs verək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bahar xanım yaxşı dedi, bu gün birinci çərşənbədir, iclası bir saat tez qurtaraq. Siz deyirsiniz ki, işçi öz hesabına götürdüyü məzuniyyəti özü bölsün. Tutaq ki, sahibkardır, işini planlaşdırır. Birdən eyni vaxtda beş nəfər işçi məzuniyyətə çıxmaq istədi, onda sahibkar nə etməlidir? Fikirləşəndə sahibkarı da fikirləşmək lazımdır. Müəssisə dayana bilər, yaxud o biri işçilər var. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun, cənab Sədr. Sizin axırıncı iradlarınız doğrudur. Mən də hesab edirəm ki, bu dəyişikliklərin çoxu mütərəqqi xarakter daşıyır. 137-ci maddəyə dəyişiklik ediriksə, təklif edirəm ki, bəzi məqamları nəzərə alaq. Burada 137-ci maddənin üçüncü hissəsində qeyd olunur ki, əgər işçi məzuniyyətdən geri çağırılırsa, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur. Oqtay müəllim, belə təsəvvür eləyək ki, burada oturanların hər hansı biri ailəsi ilə birlikdə Yessentukidə, ya da Kislovodskda dincəlir. Məsələnin mənəvi tərəfini qırağa qoyuram. Üstəlik, ailə üzvləri ilə məzuniyyətin vaxtını razılaşdırıb və bir yerdə istirahətə gediblər. Psixoloji baxımdan kökləniblər ki, istirahət edəcəklər. İşçi məzuniyyətdən geri çağırılır. Hələ bunu qırağa qoydum. Bunun yol xərci var. Bu adam onsuz da müəyyən mənada ziyan görür və biz ona deyirik ki, istifadə edilməmiş məzuniyyət müddətinin pulları da sonradan hesablanıb tutulacaq. Niyə? Mən hesab edirəm ki, əslində, həmin vəsait ondan geri alınmamalıdır.
Biz bunu qanunvericilik qaydasında təsbit eləməliyik və “istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği tutulur” ifadəsini çıxarmalıyıq. Qeyd olunmalıdır ki, işçi geri çağırılırsa, yol üçün sərf olunmuş vəsait ona kompensasiya olaraq ödənilir. Bu baxımdan mən hesab edirəm ki, bu daha doğru olardı və mənəvi kompensasiya xarakteri daşıyardı. Növbəti dəfə həmin işçiyə istifadə eləmədiyi məzuniyyətə görə məzuniyyət veriləndə yenə də ona məzuniyyət pulu hesablanmalıdır və verilməlidir. Məncə, bu daha ədalətli olar, işçilərlə bu cür davranmalıyıq.
Başqa təklifim 164-cü maddə ilə bağlıdır. Qeyd edirik ki, iş günü hesab edilməyən bayram, istirahət, səsvermə və ya ümumxalq hüzn günü işləməmiş işçinin arzusu ilə əmək haqqı əvəzinə ona başqa istirahət günü verilə bilər. Mənə elə gəlir ki, bunların hamısını bu formada sadalamağa ehtiyac yoxdur. Biryolluq burada yazılmalıdır ki, qeyri-iş günü hesab olunan günlərdə işçi işə dəvət olunursa, ona istirahət günü verilməlidir. Burada digər maddələr də var. Tutaq ki, əmək haqqının verilməsi ilə əlaqədar 172-ci maddədə yazılır: “əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya başqa iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir”. Burada elə ola bilər ki, Nazirlər Kabineti hər hansı günü bu və ya digər səbəbdən qeyri-iş günü hesab etsin. Ona görə də ondan əvvəlki gün işçinin əmək haqqı ödənilməlidir. Hansı günlər qeyri-iş günləridirsə, onu sadalamağa ehtiyac yoxdur. Dediyim kimi, həmin dairə genişlənə bilər.
Başqa məsələ 174-cü maddə ilə bağlıdır. 174-cü maddənin üçüncü hissəsində qeyd olunur: “işçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, spirtli içkilər, narkotik vasitələr və psixotrop maddələr və dövriyyəsi qadağan olunan digər əşyalar istisna olunmaqla məişətdə işlədilən digər gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər”. Məncə, buraya siqareti də aid eləmək lazımdır. İstehlakı insanın sağlamlığı üçün təhlükə yaradan istənilən formada tələbat malları formasında bunun verilməsi qadağan olunur. Bilirsiniz ki, bütün dünyada çalışırlar, maksimum dərəcədə siqaretin istehlakı çətinləşdirilsin, məhdudlaşdırılsın. Avropada küçədə də siqaret çəkməyə az qala imkan vermirlər. Bu baxımdan siqareti bura ən azından əlavə eləmək lazımdır. Bir cümlə də əlavə eləmək lazımdır ki, ümumiyyətlə, istehlakı sağlamlıq üçün təhlükə yaradan digər malların da verilməsinə icazə verilmir.
Sonda 223-cü maddə ilə bağlı. 223-cü maddə “Əməyin mühafizəsi xidmətləri” adlanır. Burada qeyd olunur ki, işçilərin sayı 50 nəfərdən az olan müəssisələrdə əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi tətbiq edilir. İşçilərin sayı 500 nəfərdən artıq olduqda müəssisənin rəhbərlərinin (baş mühəndisinin) başqa vəzifələrdən azad edilmiş əlavə müavini − əməyin mühafizəsi üzrə müavini vəzifəsi tətbiq edilir. İşçilərinin sayı 50-500 nəfər arasında olan müəssisələrdə hansı vəzifənin müəyyənləşdirilməsi açıq qalır, bəlli olmur. Ona görə Hadi müəllim bu məsələyə də diqqət yetirsin və bu məsələyə də aydınlıq gətirsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Ərəstun Cavadov.
Ə. Cavadov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün bizim müzakirəmizə təqdim edilən Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi ilə əlaqədar mən qısa şəkildə öz fikrimi çatdırmaq istəyirəm.
Məlum olduğu kimi, ölkəmizdə yeni Əmək Məcəlləsi 1999-cu ildən qüvvədədir və ölkədə əmək münasibətlərinin hüquqi baxımdan tənzimlənməsində bu məcəllənin rolu əvəzsizdir. Məcəlləyə bu günə kimi bir sıra əlavə və dəyişikliklər edilmişdir. Hesab edirəm ki, təklif edilən yeni əlavə və dəyişikliklər əvvəlki illərdə qəbul edilmiş əlavə və dəyişikliklərdən çox fərqlənir. İlk növbədə bu fərq ondan ibarətdir ki, ilk dəfə olaraq məcəllənin 45 əsas maddəsinə yeni əlavə və dəyişikliklərin edilməsi təklif olunur. Həmin dəyişikliklərin əksəriyyəti əmək münasibətlərinin daha da əlverişli şəraitdə həyata keçirilməsinə imkan yaradır.
Bir neçə əlavə və dəyişikliklərlə bağlı redaktə xarakterli təkliflərim var. “Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi” adlanan 50-ci maddənin beşinci hissəsində “öz mülahizəsinə görə” sözlərinin “müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilməsi təklif olunur. Təklif edirəm ki, “müəyyən edilmiş qaydada” sözlərinin əvvəlinə “bu məcəllə ilə” sözləri əlavə edilsin. Yəni həmin əlavə “bu məcəllə ilə müəyyən edilmiş qaydada” ifadəsi ilə əvəzləndirilsin.
Layihədə diqqət çəkən məqamlardan biri də “İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” adlanan 70-ci maddəyə əlavə edilməsi təklif olunan yeni (d) bəndidir. Həmin bəndə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Hesab edirəm ki, bu maddənin həmin bəndindən gələcəkdə sui-istifadə hallarına yol verilməməsi üçün həmin maddəyə təklif edilən bu bənd layihədən çıxarılsın. Belə ki, sınaq müddəti ərzində işçinin özünü doğrultmaması qaydası məcəllə ilə müəyyən edilməlidir.
Digər maraqlı məqamlardan biri də “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” adlanan 77-ci maddənin 9-cu bəndinə təklif edilən əlavələr və dəyişikliklərlə bağlıdır. Belə ki, bu maddəyə təklif edilən yeni əlavə və dəyişikliklərə əsasən müddətli hərbi xidmətə çağırılanadək həmin müəssisədə işləmiş şəxslər ehtiyata buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki və ya buna bənzər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Təklif edirəm ki, məcəllənin 70-ci maddəsinin 9-cu bəndinin sonuna belə bir cümlə əlavə edilsin: “Həmin şəxslərin hüquqları işəgötürən tərəfindən mütləq təmin edilməlidir”.
Ümumilikdə layihə çox səmərəli və keyfiyyətli hazırlanıb. Fürsətdən istifadə edərək mən bu layihəni hazırlayan komissiya üzvlərinə və komissiyanın sədri Hadi müəllimə öz təşəkkürümü bildirirəm. Bu layihəyə səs verəcəyəm və deputat həmkarlarımı da bu layihəyə səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Əkrəm Abdullayev.
Ə. Abdullayev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də həmkarlarımın fikirlərinə qoşularaq təqdim olunmuş layihəyə nəzərdə tutulmuş dəyişiklikləri çox əhəmiyyətli sayıram və inanıram ki, bu dəyişikliklər vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində növbəti addım olacaq. Sosial siyasət daimi komissiyasının üzvü kimi qeyd edim ki, layihə bir neçə dəfə həm bizim komissiyada, həm də Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında müzakirə olunub. Müzakirələr zamanı xeyli təkliflər, bir sıra mühüm dəyişikliklər olub ki, layihənin təkmilləşməsinə xidmət göstərir.
Lakin bir neçə ziddiyyətli məqam bəzi maddələrdə qalmaqdadır. Mən istəyirəm ki, həmin məqamları diqqətinizə çatdırım. 28-ci maddəyə yeni bənd təklif olunur. Bu təklif kollektiv müqavilələrin bağlanması ilə bağlıdır. Burada kollektiv müqavilənin hazırlanması və bağlanması səlahiyyətinin filiala, nümayəndəliyə və müstəqil struktur bölmələrə verilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, Mülki Məcəllənin müddəalarına görə filial və nümayəndəlik hüquqi şəxs deyil və onun müstəqil mühasibatlığı və yaxud kadr şöbəsi yoxdur. Onun öhdəliklərinə görə baş idarə məsuliyyət daşıyır. Bu baxımdan hesab edirəm ki, maddənin mətnində danışıqların aparılması səlahiyyəti saxlanılmaqla digər hüquqverici müddəalar çıxarılmalıdır.
İkinci təklifim isə 58-ci maddə ilə bağlıdır. Bu maddəyə təklif olunan dəyişiklikdə qeyri-dəqiqlik nəzərə çarpır. Belə ki, maddənin ikinci cümləsində əvəzçilik üzrə əmək müqaviləsi bağlanan ikinci iş yeri işçinin əlavə iş yeri, birinci əmək müqaviləsi bağlanan yer isə əsas iş yeri kimi göstərilib. Üçün-cü cümlədə “əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır” sözləri qeyd olunub. Göründüyü kimi, bu cümlələr öz aralarında ziddiyyət təşkil edir. Hesab edirəm ki, qeyd olunan ziddiyyətləri aradan qaldırmaqla bizim hörmətli həmkarlarımız da bu layihənin təsdiq olunmasına səs verəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sosial siyasət daimi komissiyasının həm müttəfiqi, həm də əsas opponenti Səttar müəllim də çıxış eləsin. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bu gün müzakirə etdiyimiz Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər və əlavələrin edilməsi haqqında qanun layihəsi günün vacib məsələlərindən biridir. Hamımıza məlumdur ki, Əmək Məcəlləsi 1999-cu il iyun ayında qəbul olunub və 10 il müddətində Azərbaycan dövlətinin iqtisadiyyatı güclənib, yeni iş yerləri açılıb və şərait ona gətirib çıxarıb ki, Azərbaycanın Əmək Məcəlləsində bu və ya digər dəyişikliklər edilməlidir.
Bu məsələ ilə bağlı həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bir sıra təkliflər irəli sürüb. Həmin təkliflər parlamentin müvafiq şöbələrində və müvafiq komissiyalarında müzakirə edilmişdir. Burada məqsəd işçi ilə işəgötürən arasında hüquqi tənzimlənmənin qaydalarını normallaşdırmaqdan ibarətdir. Burada həm işçilərin, həm də işəgötürənlərin hüquqları təmin olunur.
Qanunlarımızın bəzi maddələrində elə boşluqlar var ki, həmkarlar təşkilatlarının sədrləri məhkəmə qarşısında işçinin hüquqlarını müdafiə edəndə bu və ya digər maneələrlə qarşılaşırlar. Bu gün etdiyimiz əlavə və dəyişikliklər qanunvericiliyin daha mükəmməl olmasına gətirib çıxaracaq.
Hörmətli Oqtay müəllim, burada kollektiv müqavilələrin, həmçinin fərdi əmək müqavilələrinin bağlanması ilə bağlı maddələrin hamısını sadalamaq istəmirəm. Məcəllədə nəzərdə tutulan məzuniyyətlərlə bağlı hörmətli millət vəkillərinin diqqətinə çatdırıram ki, kollektiv müqavilə bağlanarkən həmkarlar təşkilatı məzuniyyət müddətini 24 gün yox, 28 gün də edə bilər. Bu, işəgötürənlə həmkarlar təşkilatı arasında aparılan kollektiv danışıqların nəticəsindən çox asılıdır. Burada bayram günləri qabağı iş gününün qısaldılması da nəzərdə tutula bilər. Bu, aparılan danışıqlardan asılıdır.
İkincisi, Oqtay müəllim, işçinin öz hesabına məzuniyyətə buraxılması bugünkü şəraitdə böyük problemlər yaradır. Bayaq fikrinizi bildirdiniz. Ancaq bu məsələlər qanun çərçivəsində müəyyən edilməlidir. Tutaq ki, bir müəssisədə 150 nəfər işləyir. Sabah işəgötürən deyir ki, işləmirik, vəziyyətimiz ağırdır. Bu, arqument deyil. Burada 150 nəfər insan işləyir, hərəsinin üç-dörd nəfər ailə üzvü var. Bu adam bir ay əmək haqqı almasa, ailəsinin təminatı pisləşəcək. Düzdür, konkretləşdirmək olar.
Mən əminəm ki, indiki iqtisadi böhran şəraitində də dövlətimiz, hökumətimiz işsizliyin qarşısının alınması və ixtisarların aparılmaması üçün müəyyən iri sənaye müəssisələrinə, iri şirkətlərə güzəştli kreditlər verməlidir. Həmin kreditlərin vaxtı uzunmüddətli olmalıdır. Çünki böhranın nə qədər davam edəcəyi məlum deyil. Bu yaxınlarda 20 dövlətin birgə konfransı olacaq. Həmin dövlətlər çalışırlar ki, iri avtomobil sənayelərinə uzunmüddətli kreditlər verilsin. Mən əminəm ki, ölkə Prezidenti tərəfindən də bu fikirlər nəzərə alınıb. İri şirkətlərə, iri sənaye müəssisələrinə güzəştli kreditlərin verilməsi reallaşacaq. Mən əminəm ki, bu qanun layihəsinin qəbul olunması həm işəgötürənlərin, həm də işçilərin sosial hüquqlarının qorunmasına gətirib çıxaracaq. Mən sizdən xahiş edirəm ki, bu qanun layihəsinin qəbul edilməsinə səs verəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yazılanlardan təkid edən yoxdur? Əli Hüseynova da söz verək.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mənim çıxış etmək fikrim yox idi. Çünki komissiyanın rəsmi qərarı var. Sadəcə, narahatçılıqla bağlı mövqeyimizi bildirmək istəyirəm ki, Əmək Məcəlləsi həm də kütləvi şəkildə ödənişsiz məzuniyyət adı altında işdən çıxarılmaqla bağlı halları tənzimləyir. Qanunvericilikdə belə bir boşluq yoxdur. Əmək Məcəlləsinin 146-cı maddəsinə görə bu cür vəziyyətdə sahibkar 60 gündən yuxarı müddətə bunu edə bilməz. Əgər belə hallar varsa, Əmək Məcəlləsinə müvafiq olaraq, vətəndaşlar məhkəməyə müraciət edə bilərlər və məhkəmənin qərarı ilə onlara dəymiş ziyan ödənilməlidir. Bu məsələləri qanunvericilik tənzimləyib və hər kəs bundan arxayın ola bilər.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Burada bəzi yoldaşlar çıxışlarında zəlzələdən danışdılar. Bu, zəlzələdən deyil, vəlvələdəndir. Bizdə hələ zəlzələ yoxdur. Deyirik ki, zəlzələnin təsiri birdən bizə dəyə bilər. Mən əminəm ki, həm hökumət, həm də Prezident bu məsələdə qabaqlayıcı tədbirlər görür. İkincisi, söhbət sahibkarlardan gedirsə, ağıllı sahibkar, düzgün müəssisə işlədən sahibkar heç vaxt istəməz ki, böyük xərc qoyduğu, öyrətdiyi kadrları itirsin. Bu məsələ müvəqqəti xarakter daşıya bilər. Mən əminəm ki, biz də, hökumət də həmişə bu məsələdə diqqətli olacağıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yenə “Azərikimya” şirkətindən sual verəcəksən? İkram İsrafilin sualı var. Buyursun.
İ. İsrafil. Təşəkkür edirəm, Oqtay müəllim. Gördünüz ki, mən çıxışa yazılmamışdım. Pənah bəy bizim də adımızdan hörmətli Hadi müəllimə təşəkkür etdi. Belə əlavə və dəyişikliklərin təqdim olunması bütövlükdə normal fəaliyyət göstərən müəssisələr üçün, əməkçilər üçün normaldır və təqdir edilməlidir.
Mən niyə çıxış etmək istədim? Hörmətli çıxış edənlər və hörmətli Səttar müəllim qeyd etdi ki, söhbət özəl müəssisələrdən getmir. Oqtay müəllim, Siz təkcə “Azərikimya” şirkətini deyirsiniz. Söhbət ondan gedir ki, Sumqayıtda yanvar ayından “Azərboru” 1300 nəfər işçisini, “Superfosfat” zavodu 800 nəfərə yaxın işçisini, “Azərikimya” şirkəti 10 minə yaxın işçisini, həmişə təqdir etdiyim “Azbentonit” müəssisəsi işçilərinin 50 faizini ixtisar etmək məcburiyyətində qalıb. Məsələ burasındadır ki, bu gün “Azərikimya”nın, “Azərboru”nun, “Superfosfat” zavodunun da istehsal etdiyi məhsulların bazarı yoxdur. Həmin işçiləri məcburən 2 aylıq, 3 aylıq öz hesablarına məzuniyyətə göndəriblər. Amma məhsul yığılıb qalıb. Ona görə biz istəyirik ki, həmin məsələləri dövlət, hökumət həll etsin. Bu məhsullar 5 aydan, 10 aydan, 1 ildən sonra satılacaqsa, belə bir böhran dövründə işçilərin problemlərinin, heç olmasa, 50-60 faizini nizamlamaq olar. Onları ödənişli məzuniyyətə buraxmaqla sonrakı fəaliyyətləri dövründə alacaqları əmək haqlarını hesablamaq olar. Bu məsələlərə laqeyd qalmamağı hər halda hökumət bizdən yaxşı bilir. Ancaq bu istiqamətdə ciddi tədbirlərin görülmədiyini, hansısa addımların atılmadığını görəndə biz də suallar qarşısında qalırıq ki, buna nə cavab verək. Oqtay müəllim, bu məsələlərin həllini istəyirik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vaxtilə Leonid İliç Brejnevin bir sözü var idi: «Экономика должна быть экономной». Yadınıza gəlir? İndi Siz deyirsiniz ki, qabaqdan böyük böhran gəlir, ehtiyat edirik, fikirləşmək lazımdır, yaxud ödənişli məzuniyyətə buraxılsın. Qabaqlayıcı tədbirlər tamam başqa şeylərdir. Ödənişli məzuniyyət qabaqlayıcı tədbir deyil. Bunun üzərində işləyirlər. Mən hesab edirəm ki, fikirlərin hamısı aydındır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.09 dəq.)

Lehinə  104
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bayram günü olduğundan iclası bir saat tez qurtardıq. Çox sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi