2009-ci il 17 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  108

Milli  Məclisin  iclas  salonu.
17  mart  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

N. Əsgərov, Azərbaycan Respublikası Baş prokurorunun müavini.
N. Ələkbərov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi.
İ. Cəfərov, Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi barədə.
2. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
2. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                 O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

17  mart  2009-cu il.  Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.01 dəq.)
İştirak edir 101
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, media nümayəndələri, icazə verin, sizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edim, bu gözəl yaz günündə hamınıza can sağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar arzulayım! (Alqışlar.)
Hörmətli millət vəkilləri, gündəlik keçən iclasda paylanıb. Bugünkü iclasın gündəliyinə birinci məsələ kimi Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsi daxil edilib. Çox təqdirəlayiq haldır ki, amnistiya elan olunması haqqında qərar layihəsi qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən milli adət-ənənələrimizin, o cümlədən barışıq və xeyirxahlığın rəmzi olan Novruz bayramı ərəfəsində təqdim olunub. Bu qərar layihəsinə müvafiq komissiyalarda baxılıb. Ona görə icazə verin, ilk sözü Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova verək. Ardınca Mehriban xanımı dinləyərik, sonra müzakirələrə başlayarıq. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Cənab Sədrin qeyd etdiyi kimi, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edərək amnistiya elan olunması təşəbbüsü ilə çıxış etmiş və Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini müzakirəmizə təqdim etmişdir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq qərar layihəsi Milli Məclisin Sədri tərəfindən Hüquq siyasəti komissiyasına göndərilmişdir. Sənədə komissiyada baxılmış, komissiya üzvləri çıxış edərək qanunvericilik texnikası baxımından onun mükəmməl hazırlandığını, bu növ qərarların indiyə qədər mövcud təcrübəyə əsaslandığını qeyd edərək, yekdilliklə qərar layihəsini sizin müzakirənizə tövsiyə etmişlər.
Hörmətli millət vəkilləri, hamımıza yaxşı məlumdur ki, Heydər Əliyev Fondu mövcud olduğu müddət ərzində həm ölkə daxilində, həm də ölkəmizdən kənarda bir sıra humanitar tədbirlər həyata keçirmişdir. Bilirsiniz ki, təxminən bir il bundan əvvəl ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya təşəbbüsünü də məhz millət vəkili Mehriban xanım Əliyeva irəli sürmüşdü. Çünki humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarından biridir. Bu gün sizin müzakirənizə təqdim olunmuş növbəti amnistiya qərarı da bu humanist əməllərin məntiqi davamıdır. Belə bir təşəbbüsün məhz Heydər Əliyev Fondu tərəfindən irəli sürülməsi də təbiidir.
Vaxtilə Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanist siyasət nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa olundu. Həmin vaxtda ölkəmizdə Heydər Əliyevin təşəbbüsü ilə 7 amnistiya aktı və 37 əfv fərmanı qəbul edilmiş və minlərlə insan azadlığa buraxılmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulmuş, 1998-ci ildə isə ölkəmizdə ölüm cəzası birdəfəlik ləğv olunmuş və Azərbaycan ölüm cəzasını Şərqdə ləğv edən ilk ölkəyə çevrilmişdir. Bu dövrdə Azərbaycanda həm cinayətkarlıqla qətiyyətlə mübarizə aparılmış, həm də eyni zamanda, cinayət törətmiş şəxslərə münasibətdə humanistlik göstərilmişdir. Belə bir düşünülmüş siyasət Azərbaycanda tez bir zamanda ictimai-siyasi sabitliyin bərqərar olmasına öz töhfəsini vermişdir.
Hörmətli millət vəkilləri, qeyd etməliyəm ki, Novruz bayramı münasibətilə amnistiya layihəsi Heydər Əliyev Fonduna edilən çoxsaylı müraciətlərin, xüsusən də məhkum qadınların müraciətlərinin araşdırılması, o cümlədən cinayətkarlığın dinamikasının ciddi statistik təhlilləri nəticəsində meydana çıxmışdır. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən amnistiya aktının tətbiqinə dair müəyyən proqnozlar da edilmişdir. Mən bunları sizin diqqətinizə çatdırmaq istəyirəm. Çünki bu rəqəmlər yeni amnistiya aktının əvvəlkilərdən daha əhatəli olduğunu nümayiş etdirir.
Bildiyiniz kimi, aparılan təhlillərə əsasən təxminən 9 min şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal olunur. Bu isə bütövlükdə Azərbaycandakı məhkumların 35 faizi deməkdir. Amnistiya tətbiq olunması ehtimal edilən qadınlara münasibətdə isə bu rəqəm daha yüksək, təxminən 60 faizdir. Yəni bu amnistiya aktı məhkum qadınların 60 faizinə şamil olunacaqdır. Bundan başqa, təqribən 1700 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi gözlənilir. Bu isə belə növ cəza çəkənlərin, yəni azadlıqdan məhrumetmə növündə cəza çəkənlərin 12 faizi deməkdir. Əgər biz bu sıraya digər 1200 məhkumun cəzasının azaldılacağını da əlavə etsək, amnistiya qərarının nə qədər əhatəli olduğunu görmüş olarıq. Bu rəqəmlər, eyni zamanda, amnistiya aktı layihəsinin çox ciddi analizlər nəticəsində hazırlandığını göstərir.
Hörmətli millət vəkilləri, bir məsələyə də xüsusi diqqət yetirməyinizi istəyirəm. Sözsüz ki, cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətkarlığın qarşısının alınması cəzaçəkmə müəssisələrində məhkumların sayının azalmasına gətirib çıxaran çox müsbət bir amildir. Məsələn, statistik göstəricilərə görə, 1992-ci ildə əhalinin hər yüz min nəfərinə nisbətdə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların sayı 390 olmuşdusa, 1993-cü ildən həyata keçirilən humanizm siyasəti nəticəsində bu rəqəm getdikcə azalmış, sonuncu amnistiya aktından sonra 200-dən aşağı olmuşdur. Çox əhəmiyyətli indikator olan bu göstərici nəticəsində biz MDB ölkələrini qabaqlayaraq, Şərqi Avropa ölkələri ilə bir səviyyəyə çatmışıq. Bu baxımdan da qəbul olunacaq yeni amnistiya aktı müstəsna əhəmiyyət daşıyır. Bu müsbət göstərici yenə qorunub saxlanılacaq və hər yüz min nəfərə düşən məhkumların sayı 190 civarında olacaqdır.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, qərar layihəsi üç hissədən ibarətdir. Layihə sizə təqdim olunub. Ona görə mən detalların üzərində dayanmaq istəmirəm. Amma ümumi müddəaları qısaca səsləndirmək istərdim.
Birinci hissə amnistiya tətbiq ediləcək şəxslərin dairəsini özündə əks etdirir. İkinci maddəyə nəzər salsaq, görərik ki, burada sadalanan məhkumlar – qadınlar, cinayət törədərkən 18 yaşına çatmayan şəxslər, torpaqlarımızın işğalı nəticəsində məcburi köçkün və qaçqın olmuş, Xocalı soyqırımında əlil olmuş şəxslər, şəhid olmuş şəxslərin yaxın qohumları və sair, həqiqətən, humanizmə ehtiyacı olan insanlardır.
İkinci hissədə amnistiya tətbiqinə məhdudiyyətlər müəyyənləşdirilmişdir. Belə məhdudiyyətlər amnistiya qərarlarına xas olan haldır. Ağır və xüsusilə ağır cinayətlərə, korrupsiya cinayətinə görə, həmçinin cinayətin xarakterindən asılı olaraq Cinayət Məcəlləsinin bir sıra maddələri ilə məhkum olunmuş şəxslərə münasibətdə amnistiyanın tətbiqinə məhdudiyyət qoyulur.
Qərarın üçüncü hissəsi amnistiyanın tətbiqi qaydalarıdır. Amnistiya bu qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq olunur. Bu hissədə amnistiyanı icra edəcək orqanlar da sadalanmışdır. Amnistiya aktının tətbiqi müddəti 4 ay müəyyən edilmişdir. Əlbəttə, sual oluna bilər ki, əvvəlki amnistiya aktında bu müddət 3 ay idi, nə üçün bir qədər artırılıb. Çünki indiki amnistiya aktının tətbiq dairəsi əvvəlkindən bir qədər genişdir. Amma xüsusi olaraq ictimaiyyətin də diqqətinə çatdırmaq istəyirəm ki, bu müddət, əlbəttə, son müddətdir. Amnistiya qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədilə ənənəvi olaraq Azərbaycan Respublikasının ədliyyə naziri və Baş prokuroru tərəfindən müvafiq qərarlar verilir, amnistiya aktının icrasının konkret məsələləri, amnistiya tətbiq edilmiş şəxslərin sosial reabilitasiyası ilə əlaqədar məsələlər öz həllini tapır. Əslində, bundan öncəki amnistiya aktları da nəzərdə tutulmuş müddətdən daha qısa zaman çərçivəsində icra olunmuşdur. Amnistiya tətbiq olunan şəxslər haqqında amnistiya qərarları, adətən, ilk aydaca tam icra edilmiş olur. Amma təbii ki, bir sıra məhkumlar tətbiqlə bağlı müəyyən sənədləri təqdim etməlidirlər. Bu baxımdan, əlbəttə, layihədə amnistiya qərarının icrasının müəyyən bir maksimal müddəti göstərilməlidir. Bir daha vurğulayıram ki, amnistiya qərarı bütövlükdə daha qısa zaman çərçivəsində icra olunur.
Hörmətli millət vəkilləri, inanırıq ki, millət vəkili Mehriban xanım Əliyevanın əmin-amanlıq və mərhəmət rəmzi olan milli bayramımız Novruz bayramı münasibətilə irəli sürdüyü bu amnistiya təşəbbüsü bütün millət vəkilləri tərəfindən dəstəklənəcək. Eyni zamanda, biz əminik ki, amnistiya aktı vətəndaşlarımızın vətənə və xalqa sədaqət, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcək, onların haqq və ədalətə inamını daha da möhkəmləndirəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim, əyləşin. Mehriban xanım Əliyeva.
M. Əliyeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qərar layihəsi haqqında ətraflı məlumat verildi. Mən yalnız bir daha vurğulamaq istərdim ki, hər bir qəbul olunmuş amnistiya aktı humanizm prinsiplərinin və ideyalarının qələbəsidir. Əsası dahi Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulmuş bu siyasət nəticəsində minlərcə insan azadlığa buraxılmış, normal həyata qayıtmışdır. Bu siyasət ənənəvi olaraq bu gün də davam edir.
Allah vergisi olan insan ömrü hər şeydən uca, hər şeydən dəyərlidir. Hər bir insan ləyaqətlə və azad yaşamağa layiqdir. Eyni zamanda, hər bir insan öz ömrünün, öz taleyinin hökmdarıdır. Səhv etmiş, yolunu azmış insanlara həyatda yeni şans verməklə, onları bağışlayıb cəmiyyətimizə qaytarmaqla biz onlara yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edirik.
Hər zaman mərhəmətlilik, genişqəlblilik, xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilib. Məhz bu prinsipləri əsas tutaraq, mən bütün həmkarlarımı bu qərarı qəbul etməyə çağırıram. Fürsətdən istifadə edərək sizin hamınızı qarşıdan gələn və hər birimiz üçün çox əziz olan Novruz bayramı münasibətilə təbrik edirəm! İnanıram ki, azadlığa buraxılmış insanlara və onların ailə üzvlərinə bu bayram ikiqat sevinc gətirəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Mehriban xanım. Sizin bu nəcib təşəbbüsünüz tək 9 minə yox, 10 minlərcə insana şamil olunur. Bir daha çox sağ olun.
Bu elə bir qərar layihəsidir ki, burada, yəqin, hamı Mehriban xanıma minnətdardır. Müzakirələrə ehtiyac varmı? Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.15 dəq.)

Lehinə 111
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsinə keçirik. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibatı nəzarət haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə. Buyursun Arif Rəhimzadə.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, cənab Sədr. Hörmətli Məclis, hörmətli müzakirə iştirakçıları! Milli Məclisə təqdim olunan sənəddə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar üç qanuna düzəliş nəzərdə tutulur. Bu gün sizin müzakirənizə  “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlara dəyişikliklər və əlavələr təqdim olunur. Üçüncü qanuna əlavə və dəyişikliklər komissiyada müzakirə ediləndən sonra Milli Məclisə çıxarılacaqdır.
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun “Bələdiyyələrin birləşmə qaydası” adlanan 2-ci maddəsinin birinci hissəsinin birinci bəndində deyilir ki, birləşən hər bir bələdiyyədə onun ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşməsi məsələsinə münasibət bildirməsini təmin edən yığıncaq keçirilir. Bu maddənin birinci hissəsinin ikinci bəndində düzəliş edilir. İkinci bənddə göstərilirdi ki, yığıncaqda bələdiyyələrin birləşməsi barədə müsbət nəticə əldə edildikdə qərar qəbul olunur. Bu müsbət nəticənin necə əldə edildiyi dəqiq göstərilmədiyi üçün ikinci bənddə “bələdiyyələrin birləşməsi barədə müsbət nəticə əldə edildikdə” sözləri “iştirak etmiş vətəndaşların yarısından çoxu bələdiyyələrin birləşməsinin lehinə səs verdikdə” sözləri ilə əvəz edilir.
Həmin maddənin ikinci hissəsində deyilirdi: “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün bələdiyyə tərəfindən bələdiyyə üzvlərindən ibarət müvafiq komissiya yaradılır. Həmin komissiya mülkiyyət, maliyyə və başqa məsələlərlə bağlı bələdiyyəyə təkliflər verir”. Bu hissə çıxarılır. Layihədə nəzərdə tutulur ki, bələdiyyələrin birləşməsi ilə əlaqədar komissiya müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında yaradılır və onun tərkibinə müvafiq icra hakimiyyəti orqanının nümayəndələri ilə bərabər bələdiyyə üzvləri də daxil edilirlər. Özü də bu komissiya hansısa təkliflər vermir, yaranan məsələləri həll edir. Bununla əlaqədar olaraq qanuna 8-1-ci maddə daxil edilibdir. Burada bələdiyyələrin birləşməsi, ayrılması və ləğvi ilə əlaqədar yaradılan komissiyaların fəaliyyəti dediyim qaydada tənzimlənir.
Həmin düzəlişlər qanunun “Bələdiyyələrin ayrılması qaydası” adlı 3-cü maddəsinə də şamil edilir. Yəni bu maddənin də ikinci hissəsi çıxarılır.
Növbəti düzəliş 8-ci maddəyə edilibdir. Bildiyiniz kimi, artıq Azərbaycanda ərazi vahidlərinin və inzibati ərazi dairələrinin dövlət reyestri yaradılıbdır. Ona görə bu maddənin birinci hissəsinin birinci bəndində “müvafiq uçot məlumatından” sözləri “dövlət reyestrindən” sözləri ilə əvəz edilibdir. Eyni zamanda, bu maddənin ikinci hissəsinə üç bənd əlavə olunubdur. Birinci bənddə nəzərdə tutulur ki, ərazi vahidi dövlət reyestrindən çıxarıldıqda və digər bələdiyyə ilə birləşdikdə ləğv edilmiş bələdiyyənin mülkiyyəti və onunla bağlı hüquqlar hüquq varisliyi qaydasında müvafiq bələdiyyəyə keçir. Digər hallarda ləğv edilmiş bələdiyyənin daşınar və daşınmaz əmlakı müvafiq icra hakimiyyəti orqanının sərəncamına verilir.
İkinci bənddə deyilir ki, ləğvetmə prosesində kreditorlarla hesablaşmalarda bələdiyyə torpaqlarından istifadəyə yol verilmir. Bu da çox vacib bir müddəadır. Elə olmasın ki, bələdiyyələr birləşməklə əlaqədar öz torpaqlarından məhrum olsunlar.
Üçüncü bənddə nəzərdə tutulur ki, ləğv edilmiş bələdiyyənin səlahiyyət müddəti Milli Məclis tərəfindən qəbul edilmiş qərar qüvvəyə mindiyi gündən bitmiş hesab olunur.
Növbəti düzəliş “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunla əlaqədardır. Bu qanunun “İnzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktları” adlanan 6-cı maddəsində göstərilib ki, inzibati nəzarəti həyata keçirən orqana bələdiyyə tərəfindən mütləq qaydada təqdim olunan sənədlərin siyahısı verilir. Yeni variantda bu siyahıya bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncaqların nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar da daxil edilir.
Cənab Sədr, etiraz eləməsəniz, mən ikinci məsələ barədə də məlumat verərdim. Balaca bir məsələdir. Müzakirə birlikdə keçsin.
Sədrlik edən. Buyurun, Arif müəllim.
A. Rəhimzadə. Bildiyiniz kimi, bələdiyyələrin qanunla tənzimlənən siyahısına bələdiyyələrin və inzibati ərazi vahidlərinin adları daxil edilir. Biz bu yaxınlarda Bərdə rayonunda bir bələdiyyənin adını dəyişdik, Canavarlı kəndinə Seyid Yusifli adı qoyuldu. O kəndin yeni adı hazırda bələdiyyələrin siyahısında yoxdur. Təklif olunur ki, Seyid Yusifli adını həmin siyahıya daxil edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirəyə ehtiyac var? Buyurun, yazılın. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Mən də bu layihə ilə tanış olmuşam. Çox təəssüf ki, bələdiyyələrin səmərəli idarəetmə formasına çevriləcəyi barədə cəmiyyətin bütün gözləntilərinin əksinə olaraq bu gün yenə də bizim müzakirəmizə bələdiyyələrin fəaliyyəti ilə bağlı iki qanuna prosedur qaydalarını özündə əks etdirən kiçik bir dəyişiklik çıxarılmışdır. Halbuki bələdiyyələrin düşdüyü vəziyyət çoxdan ciddi bələdiyyə islahatlarına zərurəti ortaya qoymuşdur.
Məlumdur ki, mövcud qanunvericiliyə uyğun olaraq, yerli səviyyəli sosial-iqtisadi və mədəni məsələlərin həllində sərbəst və müstəqil şəkildə fəaliyyət göstərməli olan bələdiyyələr yerlərdə artıq formal bir orqana çevriliblər. 2007-ci ilin oktyabr ayında torpaqların satılması səlahiyyəti bələdiyyələrin əlindən alınandan sonra, əslində, bu orqanlar iflic vəziyyətinə düşüblər. Bu gün bələdiyyələr nəinki yerlərdə yerli əhəmiyyətli yolların abadlaşdırılması və təmir edilməsindən, aztəminatlı ailələrin sosial problemlərinin və işsizlik məsələlərinin həllindən uzaq düşüblər, hətta öz əməkdaşlarının əmək haqqını belə verə bilmirlər. Buna görə də çox vaxt bələdiyyə büdcələrinin xeyli hissəsi bu əmək haqqının ödənilməsinə yönəldilir.
Yerlərdə hakimiyyəti xalqa yaxınlaşdırmaq, eyni zamanda, bu hakimiyyət üzərində vətəndaş nəzarətini yaratmaq üçün bir model kimi düşündüyümüz və hamımızın böyük ümidlər bəslədiyimiz bələdiyyələrin belə ağır vəziyyətə düşməsi bizim hamımızı ciddi narahat etməlidir. Ona görə də hesab edirəm ki, ciddi bələdiyyə islahatları aparmadan bələdiyyələrin fəaliyyəti ilə bağlı bu və ya digər qanunun ayrı-ayrı maddələrinə kiçik kosmetik dəyişikliklər etməklə biz bələdiyyələri yerli əhəmiyyətli məsələlərin həllində dövlətin yerinə yetirdiyi vəzifələrin xeyli hissəsini öz üzərinə götürməyi bacaran effektiv bir idarəetmə orqanına çevirə bilməyəcəyik.
Ona görə də biz burada bələdiyyə ilə əlaqədar etdiyimiz çıxışlarda bələdiyyə haqqında qanunların təkmilləşdirilməsini, o qanunlarda bələdiyyələrin müstəsna səlahiyyətinə daxil olan funksiyaların dəqiqləşdirilməsini, xüsusilə də bələdiyyə orqanlarının formalaşdırılması prinsiplərinin dəyişdirilməsini, yəni kiçik bələdiyyələrin birləşdirilərək böyüdülməsini və bu birləşdirmənin könüllülük əsasında deyil, inzibati ərazi vahidlərinə və əhalinin sayına görə aparılmasını, Bakı və digər iri şəhərlərdə böyük bələdiyyələrin yaradılmasını, bələdiyyə sədrlərinin ayrıca seçilməsini və həmçinin bələdiyyə ilə yerli icra orqanları arasında səlahiyyət bölgüsünün dəqiq aparılmasını təklif etmişik.
2007-ci ilin, səhv eləmirəmsə, dekabr ayında bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi burada müzakirə olunanda biz hamımız ümid etdik ki, nəhayət, səlahiyyətlər dəqiq müəyyənləşdiriləcək və bələdiyyələr öz funksiyalarını yerinə yetirə biləcəklər. Ancaq çox təəssüf ki, bu qanun layihəsi sanki unuduldu. Qanun layihəsinin birinci oxunuşda qəbul olunmasından az qala il yarım vaxt keçməsinə baxmayaraq, ondan hələ də bir xəbər yoxdur. Mən bilmək istərdim, niyə bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında təxminən il yarım bundan qabaq müzakirə edib qəbul etdiyimiz qanun layihəsinin ikinci oxunuşu keçirilmir? Mütəmadi olaraq parlamentdə bizim müzakirəmizə bələdiyyələrin fəaliyyəti ilə bağlı bu və ya digər maddələrə bir növ kosmetik dəyişikliklərin edilməsini nəzərdə tutan bugünkü kimi qanun layihələri çıxarılır. Onu da qeyd edim ki, cəmiyyətdə bələdiyyələrin islahatlarının ləngidilməsini artıq onun siyasi tərəfi ilə bağlamağa başlayıblar. Belə bir fikir formalaşıb ki, hakimiyyət özü bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsində və bələdiyyələrin nüfuzunun gücləndirilməsində maraqlı deyildir.
Mən də bu fikrin tərəfdarıyam. Çünki çox gözəl bilirik ki, bu gün partiyaların bələdiyyə seçkilərində iştirak etməməsinin bir səbəbi əgər ölkədə bələdiyyə seçkilərinin, ümumiyyətlə, seçkilərin demokratik keçiriləcəyinə inamsızlıqdırsa, digər səbəbi də bələdiyyələrin funksiyalarının olmaması, onların yerlərdə formal bir orqana çevrilməsidir. Əgər bələdiyyələrin səlahiyyəti, nüfuzu artarsa, bələdiyyə seçkilərinə maraq artar və təbii ki, bu, seçkilərdə iştirak edərək özünün proqramını təbliğ etmək imkanı əldə edən partiyaların da güclənməsinə səbəb ola bilər. Bu isə öz növbəsində yerli seçkilərdə qələbə qazanan partiyaların ali seçkiləri udmaq şansını artırar.
Bunu sübut etmək üçün biz beynəlxalq aləmdən kifayət qədər misallar gətirə bilərik. Ona görə də hesab edirəm ki, hakimiyyət məqsədli şəkildə ölkədə bələdiyyə seçkilərinin, bələdiyyə islahatlarının aparılmasını ləngidir və beynəlxalq aləmin təzyiqləri qarşısında görüntü yaratmaq üçün bu gün bizim müzakirəmizə verilən layihələr kimi kiçik layihələri mütəmadi olaraq müzakirəmizə təqdim edir. Mən belə layihələrin tez-tez Milli Məclisə çıxarılmasının qəti əleyhinəyəm və hesab edirəm ki, görüntü xatirinə belə layihələri müzakirəyə çıxarmaqdansa, nəhayət ki, ölkədə çox ciddi bələdiyyə islahatlarına gedilməlidir. Bunun üçün birinci növbədə bələdiyyələrin fəaliyyəti ilə bağlı bütün qanunvericilik aktları vahid qanun halında birləşdirilməli və yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının, eləcə də Avropa Şurasının Yerli və Regional İdarəetmə Konqresinin bütün tövsiyələri bu qanunda öz əksini tapmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Əvvəla, hörmətli Sədr, Sizi və Milli Məclisin deputatlarının şəxsində bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm! Humanist addım ataraq amnistiya təşəbbüsü ilə çıxış etdiyinə görə deputat Mehriban Əliyevaya “Müsavat” deputat qrupu və seçicilərimiz adından təşəkkür edirəm. Xahiş edirəm ki, hörmətli Mehriban xanım həbsdə olan jurnalistlərin – Qənimət Zahidin və Eynulla Fətullayevin əfv olunması haqqında ictimaiyyətin və bizim də qoşulduğumuz müraciətləri dövlət başçısı yanında müdafiə eləsin və bu məsələnin də həllinə nail olmaqda özünün humanist yardımını göstərsin.
Konkret olaraq, bu gündəlikdə olan məsələ barədə mən çox qısa öz rəyimi bildirəcəyəm. Hörmətli həmkarım İltizam Əkbərli çox ciddi məsələlərə toxundu. Onun fikrini dəstəkləyib müdafiə edirəm. Həqiqətən, nə qədər ki köklü islahatlar aparılmayıb, Azərbaycanda biz bələdiyyələrin işləməsinə və burada qəbul olunan qanunların icra olunmasına nail ola bilməyəcəyik. Köklü islahatlar dedikdə mən birincisi, böyük şəhər bələdiyyələrinin yaradılmasını, ikincisi isə bələdiyyə sədrlərinin seçkili olmasını, yəni birbaşa seçicilər tərəfindən seçilməsini nəzərdə tuturam. Biz bu iki məsələni həll etsək, Azərbaycanda özünüidarə sahəsində inqilabi bir dəyişikliyə nail ola bilərik. Bilirsiniz ki, bu təkliflər burada dəfələrlə müxtəlif deputatlar tərəfindən səslənibdir. Hesab edirəm ki, Milli Məclis builki bələdiyyə seçkiləri qarşısında bu məsələni həll etməlidir. Hörmətli sədarətdən və hörmətli Arif müəllim başda olmaqla müvafiq komissiyadan xahiş edirik ki, bu məsələnin qanunvericilik bazasının işlənib hazırlanmasını təmin etmək istiqamətində ciddi addımlar atsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də hər birinizi, ümumiyyətlə, Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Gündəlikdə olan birinci məsələ ilə əlaqədar hörmətli Mehriban xanıma öz təşəkkürümü bildirirəm. İki il ərzində 20 mindən artıq insana əfv fərmanının tətbiq olunması, onların bir qisminin azadlıqdan məhrumetmə yerlərindən azad olunması, digərlərinin haqqında başlanmış cinayət işlərinə xitam verilməsi, doğrudan da, çox  humanist və vacib addımdır. İndi bütün Azərbaycan xalqının və cəzaçəkmə müəssisələrində olan insanların gözü buradadır ki, nə vaxt parlament bunu qəbul edəcəkdir. Biz də bunu qəbul etmişik.
Gündəlikdə daha iki məsələ var. Mən təklif edirəm ki, çıxışları yekunlaşdıraq, səs verək, qəbul edək. Bu əfv fərmanı nə qədər tez imzalanacaqsa, bir o qədər tez o insanlara tətbiq olunacaqdır. Bu gün bayram axşamıdır. O insanların gözü yoldadır, bir çoxları ümid edir ki, fərman imzalandıqdan sonra dərhal qüvvəyə minəcək və o bu günü öz evində qeyd edə biləcəkdir. Ona görə gəlin, müzakirələri saxlayaq, səs verək. Qalan məsələləri apreldə müzakirə edərik. Təşəkkür edirəm.
Sədrlik edən. Təkid edən yoxdur? Onda xahiş edirəm, gündəliyin ikinci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.35 dəq.)

Lehinə 104
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 106
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsi.

Səsvermənin nəticələri (saat 12.35 dəq.)

Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bu gün ilaxır çərşənbədir, iclasımızı yaxşı notlarla qurtaraq. Bir daha hamınızın bayramınız mübarək olsun! Can sağlığı, uğurlar!.. Çox sağ olun. (Alqışlar.)

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi