2009-ci il 14 aprel tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  110

Milli  Məclisin  iclas  salonu.
14  aprel  2009-cu  il.  Saat  12.

Milli   Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

N. Məhərrəmov, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri.

İctimai Televiziya və Radio Yayımları Şirkəti
Yayım Şurasının üzvlüyünə namizədlər

N.Məmmədov.
E.Nəsibov.
F.Muradov.
İ.Orucov.
Z.Salahova.
M.Hüseynova.
G.Teymurova.
S.Nuriyev,
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.

* * *

E. Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin tərkibi haqqında.
4. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.
5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnamənin yeni redaksiyası barədə” Qərarın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Qərarın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
8. Azərbaycan Respublikasının Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Milli Məclisi komitələrinin təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisi komitələrinin tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
4. “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.
5. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnamənin yeni redaksiyası barədə” Qərarın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə” Qərarın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                 O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

14  aprel  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 99
Yetərsay 83

Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 12.05 dəq.)

Lehinə 100
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0  
İştirak edir 102
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, yazılasınız. Buyurun, Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Son vaxtlar dünya ictimai-siyasi müstəvisində bir mövzu çox geniş müzakirə olunur. Bu mövzu ilk növbədə Azərbaycan vətəndaşlarını, Azərbaycanın siyasi elitasını və hər bir millət vəkilini dərindən düşündürür. Ölkəmiz müstəqillik qazandığı ilk günlərdən daim Türkiyə Cümhuriyyətinə, türk birliyinə arxalanmış və bu inanc Azərbaycanı türk dünyasına və Türkiyəyə sıx bağlamışdır. Bu istiqamətdə çox ciddi, önəmli addımlar atılmış və ulu öndərimiz Heydər Əliyevin dillər əzbəri olmuş “bir millət, iki dövlət” aforizmi hər bir azərbaycanlının, hər bir türkdilli insanın qəlbində dərin izlər buraxmışdır.
Çox təəssüf ki, son günlər bu birliyə xələl gətirə bilən Türkiyə–Ermənistan sərhədinin açılması haqqında çoxlu söhbətlər gəzir. Amma bu, həm Türkiyə daxilində, həm də Azərbaycan cəmiyyətində birmənalı qarşılanır, pislənir. Sevindirici hal odur ki, Azərbaycanın bütün ictimai-siyasi qüvvələri, müxalifət, iqtidar bu məsələdə yekdildir. Ən başlıcası isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmişə olduğu kimi bu məsələdə də böyük təmkin nümayiş etdirdi və bir daha bəyan etdi ki, Azərbaycan öz milli maraqlarını heç bir başqa marağa dəyişən deyil.
Mən hesab edirəm ki, türk və Azərbaycan xalqlarının, türkdilli xalqların birliyi bu gün bizim üçün daha böyük önəm kəsb edir. Bunu qorumaq üçün biz bütün qüvvələrdən istifadə eləməliyik. Ermənistan–Türkiyə sərhədlərinin açılmasının əleyhinə...
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Son günlər, burada qeyd olunduğu kimi, Türkiyə–Ermənistan sərhədlərinin açılması ehtimalı haqqında çox danışılır. Mən də bu haqda fikirlərimi bildirmək istərdim.
Azərbaycan və Türkiyə türkləri vahid bir xalqdır. Dilimiz, dinimiz, mədəniyyətimiz və köklərimiz birdir. Azərbaycan müstəqillik qazanandan sonra bizim müstəqilliyimizi ilk tanıyan da, Bakıda səfirlik yaradan ilk dövlət də məhz Türkiyə oldu. Türkiyə ilə bütün müstəvilərdə, istər iqtisadi, istər mədəni, istərsə də sosial sahədə Azərbaycanın çox geniş əlaqələri var. Böyük Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri, mən deyərdim ki, Türkiyə dövlətinin Azərbaycana münasibətində rəhbər prinsip olaraq qalmaqdadır. Mən inanıram ki, bu əlaqələr daha da inkişaf edəcək. Mən burada böyük öndərimiz Heydər Əliyevin sözlərini xatırlatmaq istərdim. O deyirdi: “Heç bir qüvvə, heç bir kəs, heç bir ölkə Azərbaycan–Türkiyə dostluğunu sarsıda bilməz. Bu dostluq olub, olacaq, əbədidir və daim əbədi olacaqdır”. Mən inanıram ki, Türkiyədə əsil türkçülərin, türk vətənpərvərlərinin mövqeyi üstün gələcək və sərhədlər açılmayacaq, çünki bu, Azərbaycan xalqının maraqlarına, mənafeyinə zidd olduğu kimi, Türkiyə xalqının da mənafeyinə ziddir. Türkiyədə hər hansı iqtidar bu addıma getsə belə, türk xalqının ümumi qəzəbi qarşısında duruş gətirə bilməyəcək və tezliklə iqtidarını itirəcəkdir.
Aprel ayının 6–7-də İstanbulda böyük bir forum – Sivilizasiyalar Alyansı Forumu keçirildi. Mən o forumda iştirak etdim. Orada sivilizasiyalar alyansı haqqında BMT-nin Baş katibliyinin, Türkiyə rəhbərliyinin və başqalarının bir çox çıxışları oldu. Mənə nəsib oldu, işçi sessiyada çıxış etdim və bu haqda öz mövqeyimi bildirdim. Plenar sessiyada ölkələrin mövqelərinin yaxınlaşması, sivilizasiyalar arasında dialoqun baş tutması üçün bütün dövlətlərə ədalətli münasibətin bərpa olunmasından çox danışıldı.
Sədrlik edən. Çox sağ olun. Müzakirələr 3 dəqiqədir, fikirlərimizi bir az konkret deyək. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu gün Azərbaycanın ictimai-siyasi həyatında daha çox müzakirə edilən Türkiyə-Azərbaycan münasibətlərindən bir neçə kəlmə demək istəyirəm. Mən hesab edirəm ki, bu gün Azərbaycanın Türkiyədən yaxın heç bir dostu yoxdur və bundan sonra da hər hansı bir ölkə ilə formalaşan münasibətlərimiz Türkiyə–Azərbaycan münasibətlərindən daha yaxşı olmayacaq. Kök etibarilə, dil, din etibarilə heç bir millət bizə bu qədər yaxın olmayacaq və Azərbaycan dövlətinin maraqlarını bu qədər müdafiə etməyəcək.
Bu gün Türkiyə ictimaiyyətinin böyük əksəriyyəti, 96 faizi Azərbaycan xalqını, Azərbaycanın haqlı mübarizəsini dəstəkləyir. AKP iqtidarının yeritdiyi siyasətə də bu və ya digər şəkildə Türkiyə daxilində dəstək verirlər. Buna görə hesab edirəm ki, biz Türkiyə-Azərbaycan münasibətlərini bundan sonra daha da inkişaf etdirməli və doğrudan da, hər iki dövlətin xalqlarının sözün əsil mənasında bir millət olduğunu sübut edən addımlar atmalıyıq. Biz hər hansı bir halda iqtidarların siyasəti fonunda Türkiyə xalqının, Türkiyə ictimaiyyətinin üzərinə getməməliyik. Mən hesab edirəm ki, Türkiyə bu mənada Azərbaycanın yanındadır.
Amma mən başqa bir məsələyə toxunmaq istəyirəm. Türkiyə–Azərbaycan münasibətləri məsələsində bir balaca müzakirələr, diskussiyalar açılan vaxt İran televiziyası hər gün Azərbaycan-Türkiyə münasibətlərindən ironik epizodlar verir və Azərbaycan xalqına da, Türkiyəyə də bir rişxəndlə yanaşırdı ki, siz “bir millət, iki dövlət” deyirdiniz, amma indi sərhədlər açılır.
Məncə, burada xatırlatmaq yerinə düşər ki, İran–Azərbaycan münasibətlərinin rəsmi hissələrində İran tərəfi hər zaman Azərbaycanla din qardaşı olduğunu və Azərbaycanı hər yerdə müdafiə etdiyini bəyan edirdi. Dünən Sarkisyanla görüşdə isə indiyə qədər hətta Rusiyanın etmədiklərini İranın gələcəkdə Ermənistana etməsi üçün protokollar imzalandı və İran Azərbaycana qarşı özünün çirkin mövqeyini bir daha ortaya qoymuş oldu. Mən hesab edirəm ki, bizim parlamentdə daha çox İranın bu addımı qınanılmalı, İranın bu siyasətinə qarşı çıxılmalıdır. Mən İranda yaşayan 35 milyonluq Azərbaycan türklərini İslam dövlətlərinin, İslam dininin mənafeyini satan İran rəhbərliyinin iqtidardan salınmasına və Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarını qorumalı olan bir dövlətin qurulmasına çağırıram. Hesab edirəm, bu, Yaxın Şərqdə ədalətin bərpa olunmasına ən böyük töhfə olar. Çox sağ olun.
Sədrlik edən. İqbal bəy, ulu öndər söyləmişdir: “Biz bir millət, iki dövlətik”. Dövlətlər də, parlamentlər də gəldi-gedərdir, amma millət həmişə bir olub, həmişə də bir olacaq. Ona görə narahatlığa ehtiyac yoxdur. Buyursun İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Mən də bu gün ictimaiyyətimizi Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı narahat eləyən məsələdə üzv olduğum ana müxalifət partiyası – Müsavat Partiyasının mövqeyini həmkarlarımın, o cümlədən ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Türkiyənin Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanla sərhədləri açmağa və ikitərəfli münasibətlər qurmağa hazırlaşması cəmiyyətimizdə üzüntü ilə qarşılanıb və ciddi narahatçılığa səbəb olub.
Qardaş Türkiyə Cümhuriyyətinin birtərəfli qaydada güzəştə gedərək, ona qarşı ərazi iddialarından və uydurulmuş erməni soyqırımının dünyada tanıdılmasından əl çəkməyən Ermənistana doğru mövcud şəraitdə paradoksal görünən bu addımı atması nə onun milli maraqlarının təmin olunmasına, nə regional inkişafına, nə də Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcək. Əksinə, hadisələrin bu istiqamətdə inkişafı ona dost olmayan ölkələrin milli və regional maraqlarının gerçəkləşməsinə əlverişli şərait yaratmaqla bərabər, Türkiyənin regionda təbii müttəfiqi olan dost və qardaş Azərbaycanla böyük potensialı hələ tam açılmamış ikitərəfli münasibətlərinə zərbə vura bilər. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından narahat olan ölkələr və güclər ikitərəfli münasibətlərin inkişafında yarana biləcək bu xoşagəlməz durumdan, heç şübhəsiz, yararlanmağa çalışacaq.
Cənubi Qafqazda yaranmış mövcud durumdan və onun inkişaf meyillərindən, eyni zamanda, Türkiyə–Azərbaycan münasibətlərində yuxarıda göstərilən səbəblərdən soyuqlaşma perspektivlərindən dərin narahatlıq keçirən Müsavat Partiyası böyük dövlətçilik təcrübəsi olan Türkiyə Cümhuriyyətinin hökumətini qısamüddətli taktiki maraqların təmin olunması xatirinə strateji önəm daşıyan ikitərəfli münasibətlərimizi yaralaya biləcək addımlar atmaqdan çəkinməyə, qardaş türk xalqını, Türkiyəmizin dəyərli siyasət adamlarını və mediasını qardaşlıq və dostluq münasibətlərimizin sınaqdan keçdiyi bu dönəmdə daha həssas olmağa çağırır.
Müsavat Partiyası, eyni zamanda, Azərbaycan hökumətini ikitərəfli münasibətlərə kölgə sala biləcək tələsik addımlar atmaqdan çəkinməyə, xalqı isə ayıq-sayıq olmağa, iki dost və qardaş dövlət arasında mövcud olan münasibətləri pozmaq üçün fürsət axtaran qüvvələrə meydan verməməyə çağırır. Biz inanırıq ki, Türkiyə–Azərbaycan münasibətləri, qardaş xalqlarımız arasında mövcud olan və tarixin sınağından dəfələrlə uğurla çıxan ikitərəfli münasibətlərimiz bu sınaqdan da möhkəmlənərək çıxacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ ol. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına Azərbaycanda həssaslıqla yanaşılması təsadüfi deyil. Çünki Ermənistan təcavüzkar dövlətdir və təcavüzkar dövlətə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə uyğun cavab verilməlidir. BMT-nin qəbul etdiyi sənədlərdə təcavüzkarın tərifi vardır. Təcavüzkar başqa dövlətin ərazilərini işğal edib özünə birləşdirmək məqsədilə silah işlədərək beynəlxalq hüququn normalarına zidd hərəkətlərə yol verən dövlətlərə deyilir.
Türkiyə Cümhuriyyəti bu münaqişənin başlanğıcından Azərbaycanın tərəfində dayanıb və bu da təsadüfi deyil. Buna səbəb həm Türkiyə ilə bizim tarixi müttəfiqliyimiz, həm də təcavüzkar Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi, eyni zamanda, qondarma erməni soyqırımı vasitəsilə Türkiyəni beynəlxalq aləmdə daim təzyiq altında saxlaması olmuşdur. Türkiyənin tutduğu mövqe yalnız Türkiyə tərəfindən deyil, digər dövlətlər tərəfindən də tutulub. Məsələn, Pakistan da Ermənistanla münasibətlər qurmayıb. Əslində, Avropa dövlətləri də, aparıcı ölkələr də Ermənistana bu cür münasibət bəsləməliydilər. Amma təəssüflər olsun ki, Ermənistana nəinki bu cür münasibət bəsləməmiş, əksinə, erməni lobbisinin vasitəçiliyi ilə Ermənistanla – təcavüzkar dövlətlə münasibətlər qurmaq istəməyən ölkələrə, o cümlədən Türkiyəyə təzyiqlər göstərməyə çalışmışlar.
Türkiyə hakimiyyətinin Ermənistanla apardığı danışıqlar və burada sərhədlərin açılması ilə bağlı bu və ya digər məsələlərin ortada olması nəinki Azərbaycan, həm də Türkiyə ictimaiyyəti tərəfindən mənfi şəkildə qarşılanmışdır. Çünki Türkiyə ictimaiyyəti Ermənistanın Türkiyəyə qarşı törətdiyi əməllərdən, eyni zamanda, ərazi iddialarından yaxşı xəbərdardır. Ermənistanın Konstitusiyasında bu, açıq şəkildə yazılmışdır.
Türkiyə Cümhuriyyətinin sərhədlərin açılması ilə bağlı atacağı addıma bizim reaksiyamız, ictimaiyyətin və xüsusilə Azərbaycan rəhbərliyinin reaksiyası tamamilə qanunauyğun olmuşdur. Hazırda Türkiyə Cümhuriyyətinin bu addımdan imtina etməsi təqdirəlayiqdir və hesab edirəm ki, Türkiyə hökuməti, Türkiyə hakimiyyəti bunda ardıcıl olacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Əli Əhmədov.
Ə. Əhmədov. Azərbaycan cəmiyyəti son bir neçə gün ərzində neçə illərin ən həyəcanlı anlarını, günlərini yaşadı. İndi biz heç bir azərbaycanlının heç zaman arzu eləmədiyi mövzu ətrafında təəssüf hissi ilə müzakirə aparırıq.
Azərbaycan torpaqlarının, ərazilərinin işğal olunmasına Türkiyə Cümhuriyyətinin reaksiyası Ermənistanla heç bir əlaqə qurmamasında öz ifadəsini tapdı. Bu, təkcə qardaş xalqın və dövlətin Azərbaycanla həmrəyliyi deyil, eyni zamanda, Azərbaycana qarşı başqa bir dövlətin törətdiyi təcavüzün və haqsızlığın etiraf olunması, buna qarşı açıq şəkildə münasibətin bildirilməsi demək idi.
Mən güman edirəm ki, bu günə qədər Azərbaycanla həmişə bir mövqedə durduğunu açıq bəyan edən Türkiyə Cümhuriyyəti, türk cəmiyyəti, türk toplumu bundan sonra da həmin mövqedən çıxış edəcək, çünki Azərbaycanın maraqları, eyni zamanda, Türkiyənin maraqlarıdır. Mən əminəm ki, Azərbaycan torpaqlarının işğal olunması və Azərbaycanın 1 milyondan artıq insanının məcburi köçkün vəziyyətinə salınması hər bir Azərbaycan vətəndaşını, bütövlükdə azərbaycanlıları incitdiyi kimi türk vətəndaşlarını da incidir. Eyni zamanda, mən əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan torpaqlarının işğaldan azad olunacağı gün hər iki dövlət, hər iki cəmiyyət üçün eyni dərəcədə xoş, əziz bir gün olacaqdır.
Mən Türkiyə rəhbərliyinin son günlərdə verdiyi bəyanatları, təbii ki, Türkiyənin rəsmi mövqeyi kimi qəbul edir və ümidvar olduğumu bildirirəm ki, Azərbaycan torpaqlarının işğal altında olduğu bir zamanda Ermənistanla sərhədlərin açılması, diplomatik münasibətlərin yaradılması istiqamətində addımlar atılmayacaq və bu günə qədər olduğu kimi, bundan sonra da hər iki dövlət eyni mövqedən çıxış edərək haqsızlığın aradan qaldırılmasına nail olacaqdır.
Bu kövrək günlər Türkiyə ilə Azərbaycanın bir millətin iki dövləti olduğu məntiqini bir daha təsdiq elədi. Mən hesab edirəm ki, Türkiyə və Azərbaycan dostluğunun, qardaşlığının bundan sonra daha da möhkəmləndirilməsi üçün Türkiyə və Azərbaycan ictimaiyyəti öz səylərini...
Sədrlik edən. Sağ olun, Əli müəllim. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bu gün biz parlamentimizin iclasında çox mühüm bir məsələyə toxunuruq. Mən son bir ay, ay yarım ərzində Azərbaycan mətbuatında gedən yazılara baxdıqca, sadəcə olaraq, təəssüf hissi keçirirəm. Ona görə təəssüf hissi keçirirəm ki, tariximizin çox yaxın zamanlarında Azərbaycan millətinin taleyi ilə, tarixi ilə bağlı olan məsələlərdə bizim yanımızda olan bir dövlət və bir millət haqqında son dərəcə ağır ittihamlara yol veririk. Bu gün bizim media, xüsusilə göstərişlə işləyən mətbuat orqanları bir şeyi unudurlar ki, Azərbaycan torpağının hər qarışında bu torpağın yadellilərdən azad edilməsi üçün canını belə əsirgəməmiş türk əsgərinin qanı var. Tarixin bu anlarını biz nə tez unutmağa başladıq?
Oqtay müəllim, mən öz fikrimi ifadə edirəm. Hesab edirəm ki, bu gün Azərbaycanda Türkiyə əleyhinə başlanmış kampaniya Azərbaycan dövlətinin və Azərbaycan millətinin maraqlarına uyğun deyil. Bu, antimilli kampaniyadır, bu, süni kampaniyadır, bu, təşkil olunmuş kampaniyadır və bu təşkilatçılıq da bilavasitə Prezident Aparatından gəlir, mətbuata, qeyri-hökumət təşkilatlarına göstəriş də oradan gəlir.
Mənə elə gəlir ki, biz belə səhvlərə yol verməməliyik. Millətimizin taleyində, tarixində böyük rol oynamış, ağır zamanlarımızda bizim yanımızda olmuş, 1918-ci ildən bu günə qədər Azərbaycanın bütün problemlərini öz problemi kimi qəbul edən bir dövlətə münasibətdə belə kampaniyanın aparılması yolverilməzdir. Türkiyənin Prezidenti deyir, sərhəd açılmayacaq, Baş naziri deyir, sərhəd açılmayacaq, xarici işlər naziri deyir, sərhəd açılmayacaq. Biz sanki Türkiyəni bir mənzil-istismar idarəsinə döndərmək istəyirik, hamı durub arayış verməlidir ki, bu olmayacaq.
Mən demək istəyirəm ki, Azərbaycanın problemi bu gün sərhəd problemi deyil. Biz xalqımızla açıq danışmalıyıq. Azərbaycanın Qarabağ məsələsində yeritdiyi siyasət heç bir nəticə vermir və bu siyasətə bağlanıb qalmağın da mənası yoxdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Cəmil müəllim, doğrudur, Siz öz şəxsi fikrinizi deyirsiniz, amma Azərbaycanda nə Türkiyəyə, nə də türk xalqına qarşı heç bir kampaniya aparılmır. Belə bir məsələ yoxdur. Türk xalqı ilə Azərbaycan xalqı bir xalqdır. Siz niyə burada lazımsız söz-söhbətə meydan açırsınız?
Mən ilk dəfə ürəyimdə bir rahatlıq tapdım ki, milli heysiyyətimizə, milli mənafeyimizə toxunan vacib məsələlərdən birində Azərbaycan xalqı həmrəylik göstərdi, bildirdi ki, bu sərhədlərin açılması Azərbaycanın milli maraqlarına ziddir. Biz bilirik ki, danışıqlar gedir və Türkiyə–Ermənistan danışıqları kontekstində Dağlıq Qarabağ məsələsi də durub, ancaq biz öz fikirlərimizi də bildirdik. Biz Ərdoğanın da çıxışına qulaq asdıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda Siz yəqin, “Azərbaycan” qəzetindən başqa bir qəzet oxumamısınız, nə Türkiyənin qəzetlərinə baxmısınız, nə Ermənistanın qəzetlərinə baxmısınız. Prezident Aparatını təqsirləndirirsiniz. Niyə bu qədər insanları təhqir edirsiniz? Belə olmaz axı. Biz öz millətimizi nə qədər aşağılaya bilərik?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda belə fikirlər yürütmək lazım deyil. Mən bayaq dedim, Azərbaycan xalqı türk xalqı ilə birdir, bir olub, həmişə də bir olacaq. Burada heç bir kampaniya aparılmır. Xahiş edirəm, mülahizələrinizdə diqqətli olun. Bu həssas məsələdir və burada hər bir çıxışa həm Azərbaycanda, həm də Türkiyədə qulaq asırlar. Bura reklam yeri deyil. Zahid Oruc.
Z. Orucov. Cənab Sədr, hörmətli həmkarlar! Hörmətli Oqtay müəllim, mən birinci növbədə Sizin mövqeyinizi bölüşürəm və hesab edirəm ki, insanların vətəndaş yanğısı ilə qatıldığı bu prosesi siyasi sifariş adlandırmaq bu insanlara hörmətsizlik olardı. Mən həmkarlarımı bu mövqedən daşınmağa çağırıram. Açığı, bu mövzuya toxunmayacaqdım, çünki həmkarlarımız bu məsələdən yetərincə danışıblar. Amma bircə fikrimi demək istəyirəm. Əgər ölkə rəhbərimiz Türkiyəyə səfərdən imtina etməyib, o tədbirdə iştirak eləsəydi, sərhədlərin açılması reallaşacaq, sonra da Ermənistan–Azərbaycan sərhədləri məsələsi gündəmə gələcəkdi. Bunu mən məsuliyyətlə deyirəm. Amma bu mövzunun üzərində dayanmaq istəmirəm.
Cənab Sədr, mən İranın bölgədəki siyasətinə yönəlik 7 sualımı İran dövlətinə yönəldirəm. Çox istəyirəm ki, onlar cavablandırılsın. Mən hesab edirəm ki, güclü Azərbaycan dövləti İrana sərf etmir. Bunun səbəbləri təxminən aşağıdakılardır.
Birinci, İran hələ də hesab edir ki, özünün dövlət modelini bizim kimi ölkələrə sırıya bilər və bunun üçün din amilindən çox faydalanır. Azərbaycan islam inanclı bir ölkədir və burada radikalı da ola bilər, fanatı da ola bilər. Buradan təhsil dalınca İrana gedənlər də var. Bunları İran özünün ideologiyası üçün yem hesab edir və bu istiqamətdə fəaliyyət aparır.
İkinci, İran Azərbaycanın etnik xəritəsindən yararlanmağa çalışır və buna sərhəd bölgələrində xüsusi səy göstərir. İran bu ərazidə yaşayan azsaylı xalqların guya milli etnik tarixindən bəhs edərək, onların haqları uğrunda mübarizəni özünün xəttində ifadə edir. Nə vaxtdan biz İrana o haqqı vermişik ki, ölkəmizdə kimlərinsə etnik hüquqlarını qorusun?!
İran Azərbaycanın xarici siyasi-iqtisadi əlaqələrini öz maraqlarına bir sıra hallarda təhlükə sayır. Halbuki o bizim istər neft müqavilələrində, istərsə də siyasi əlaqələrimizdə İrana qarşı hansısa addımlar atdığımızı sübut edən bircə dənə də fakt göstərə bilməz. Amma İran bunu edir. İran Xəzərin statusu məsələsində Azərbaycanla razılaşmalara gəlməyərək, bu status problemindən Azərbaycanın xarici siyasətinə, iqtisadi fəaliyyətinə bir təsir, təzyiq rıçaqı kimi istifadə edir. Nə zamana qədər?
İranın televiziyasından burada bəhs olundu. Bizə bəllidir ki, İran totalitar bir ölkədir və onun müstəqil kütləvi informasiya vasitələrindən danışmaq cəfəngiyyatdır. “Səhər” kanalı İranın rəsmi siyasətinin ifadəçisi, ruporudur və mən hesab edirəm ki, heç Ermənistanda Azərbaycana qarşı belə bədnam, küfr siyasət aparılmır. Nə zamana qədər davam edəcək?
Narkotiklərin qanunsuz dövriyyəsi Azərbaycana yönəlik münasibətdə İranın az qala dövlət siyasətinə çevrilib. Bunu mən məsuliyyətlə deyirəm. Statistikanı qaldırın, baxın. Azərbaycandan tranzit kimi gedənlər tonlarla ölçülür və bu, insanları fiziki, mənəvi cəhətdən məhv eləməyə yönəlik bir xətdir. İran bunu yürüdür. Nə vaxta qədər?
İran-Ermənistan münasibətləri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın möhkəmlənməsinə yönəlib. Bu nə zamana qədər davam edəcək?
Sonda bir şeyi demək istərdim. İran Konstitusiyası Allahın adı ilə başlanır. Mən çox istəyirəm ki, İran dövləti Allahın adına, varlığına həmişə hörmətlə yanaşsın. Sağ olun.
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı barədə fikir söyləməyə ehtiyac duymuram, çünki bunu tarix özü sübut etmişdir. Böyük Atatürkün vaxtilə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” deməsi, ulu öndərimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” deyə var gücü ilə Türkiyəyə öz məhəbbətini, hörmətini göstərməsi və bu birliyə xidmət göstərən siyasət yeritməsi bizim yaxşı yadımızdadır.
Hörmətli Sədr, Siz çox gözəl dediniz, bu gün Türkiyə–Ermənistan sərhədinin açılmasına qarşı Azərbaycanın bütün qüvvələrinin, iqtidarın və müxalifətin bir mövqedən çıxış etməsi çox sevindiricidir. Mən güman edirəm ki, Türkiyə və Azərbaycan xalqlarının həmrəyliyi, birliyi yalnız bu iki dövlətin deyil, bütünlükdə türk dünyasının gələcəyinə xidmət edir.
Ermənistan təcavüzkar bir dövlətdir. Bu bütün dünyaya bəllidir. Amma təəssüf ki, dünya siyasətində bu gün də mövcud olan ikili standartlar çox vaxt ədalətin zəfər çalmasına mane olur. Qonşu ölkələrə qarşı təcavüz, təxribat, terror, öz ərazisində narkotrafikin inkişafı Ermənistanın dövlət siyasətinin tərkib hissələridir. Belə bir dövlət ilə dünyanın diqqətini cəlb edən Türkiyə kimi demokratik bir dövlətin dostluğa, əməkdaşlığa meyil eləməsi heç də inandırıcı deyil. Türk qardaşlarımız da çox gözəl bilirlər ki, bu, Türkiyə Cümhuriyyətinə şərəf gətirən bir addım deyildir.
Bu günlərdə Türkiyənin tanınmış siyasətçiləri, deputatları Azərbaycan parlamentində təmsil olunan partiyalarla görüşə dəvət olunublar. Mən güman edirəm ki, bu özü də məsələnin daha da aydınlaşdırılmasına kömək edəcək və Türkiyə–Azərbaycan birliyinin sarsılmazlığını bir daha nümayiş etdirəcəkdir.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Son dövrlərdə gizli şəkildə aparılan Ermənistan–Türkiyə danışıqlarına Azərbaycan tərəfinin kəskin reaksiya verməsi tamamilə başa düşüləndir. Çünki danışıqlar, sadəcə, iki dövlət arasında yox, Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etmiş Ermənistan və özünü Azərbaycanın müttəfiqi elan etmiş Türkiyə arasında aparılır. Əgər Ermənistanın iç üzü, Azərbaycana qarşı siyasəti kifayət qədər aydındırsa, Türkiyənin nəinki Azərbaycana, heç Türkiyə ictimaiyyətinə də heç bir məlumat vermədən bu danışıqları günü-gündən dərinləşdirməsi aydın məsələdir ki, böyük bir narahatlıq doğurmalı idi.
Türkiyənin Cumhur başqanının, Baş bakanının dünən, srağagün verdiyi bəyanatlar da Azərbaycan ictimaiyyətinin suallarına tam cavab vermədi. Nədənsə bu suallara cavablar 6 ay gizli danışıqlar gedəndən sonra tək Azərbaycanda deyil, eyni zamanda, Türkiyədə də böyük narahatlıqlar, gərginliklər yaranandan və hakim partiyaya ciddi təpkilərdən sonra verildi. Bu bəyanatlar Türkiyənin siyasi elitası Ermənistanın iç üzünü bir daha gördükdən sonra verilməyə başladı. Məgər Azərbaycan tərəfi Türkiyə tərəfindən müttəfiqliyin bir daha təsdiqindən başqa bir şey istəyirdimi? Məgər Azərbaycan tərəfi nəyisə bu gün Türkiyənin yerinə həll etmək hüququnu öz üzərinə götürübmü? Qətiyyən belə deyil. Amma bununla belə, Azərbaycan heç kəsin JEK-i deyil və Azərbaycan oturub gözləməyəcək ki, İrəvanda və yaxud hansısa başqa paytaxtda gizli şəkildə gedən danışıqların nəticələri onu daha ağır vəziyyətə salsın.
Bu gün heç kəs özünü burada Türkiyənin vəkili hesab etməsin və Türkiyənin yerinə cavab verməyə səy göstərməsin. Türkiyə rəhbərliyinə verilən bəzi sualların cavablarına heç Türkiyənin özü bu gün qane deyil və bu məsələlər onun parlamentində və ictimaiyyətində ciddi şəkildə müzakirə edilməkdədir. Azərbaycan öz mənafeyinə toxunan istənilən məsələyə dair parlament səviyyəsində müzakirə aparıb onu narahat edən suallara cavab axtarmaq ixtiyarındadır.
Hörmətli Prezidentimizin bu günlərdə Təhlükəsizlik Şurasının iclasında dediyi bir kəlməni mən xatırlatmaq istəyirəm. O bildirdi ki, hər bir ölkənin öz siyasətini özünün milli maraqlarına uyğun şəkildə aparmaq hüququ vardır. Ancaq Azərbaycanın da belə milli maraqları vardır və Azərbaycan yaranmış situasiyaya uyğun olaraq öz siyasətini qurmaq hüququnu daim özündə saxlayır. Bu gün parlamentdə belə bir müzakirənin aparılmasını, deputat həmkarlarımın Türkiyə ilə bağlı narahatçılığını səsləndirməsini və bu məsələlər barəsində artıq bir axır söz eşitmək istəməsini mən tamamilə düzgün hesab edirəm.
Son günlər Türkiyə Prezidentinin, Türkiyə Baş nazirinin verdiyi bəyanatlar Azərbaycan tərəfini qane edir.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, bir dəqiqə. İmkan verin, mən də söz deyim. Niyə kəmhövsələ olursunuz? Mən Aydın Mirzəzadənin çıxışı ilə tamamilə razıyam. Mən heç bir fikri heç kimə qəbul etdirmək istəmirəm. Bəli, biz də mətbuatı, dünyada baş verən prosesləri izləyir və görürük ki, həqiqətən, Türkiyə dövlətinə çox böyük təzyiqlər göstərilir. Bu danışıqların aparıldığını türk dövləti inkar etmir. Buna biz də etiraz etmirik. Əlbəttə ki, Türkiyə ilə Ermənistan arasında baza prinsipləri ilə bağlı danışıqlar aparıla bilər. Lakin bu danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli də əsas müzakirə mövzularından biri olmalıdır.
Bundan qabaq da söylənilirdi ki, bu danışıqlar gedir. Amma biz çox arzulayardıq ki, danışıqlarda qondarma erməni soyqırımı və Türkiyənin ərazi bütövlüyünün tanınması kimi məsələlərlə bərabər Dağlıq Qarabağ problemi də müzakirə predmeti olsun. Bizim istədiyimiz budur. Amma təəssüf ki, məsələ kontekstdən çıxarılmışdı, belə söhbət yox idi. Bu bizi çox narahat elədi. Biz öz fikirlərimizi bildirdik. Mən hesab edirəm ki, Azərbaycanın mövqeyinin Türkiyə dövlətinə və xalqına bir daha çatdırılması çox düzgün fikir idi. Bunu Türkiyəyə qarşı kampaniya kimi qiymətləndirmək qətiyyən düzgün deyil.
İkinci bir fikrimi bildirmək istəyirəm. Mən dəfələrlə eşitmişəm, deyirlər ki, 1918-ci ildə Türkiyə köməyə gəlməsəydi, Azərbaycan, Bakı yox idi, Türkiyə əsgəri gəldi, Azərbaycanı xilas etdi. Mən türk əsgəri qarşısında baş əyirəm. Qardaş qardaşa görə qan tökə bilər. Ancaq bu qan nəyə görə tökülmüşdü? Biz türk olduğumuz, türk kökənli olduğumuz üçün bu qan tökülmüşdü. Bəs niyə biz yadımıza salmırıq ki, Türkiyənin çətin günündə Azərbaycan qadınları qollarından qolbaqlarını, bilərziklərini, qulaqlarından sırğalarını çıxarıb verir, Azərbaycan əsgərləri Çanaqqalada canlarından keçirdilər. Azərbaycan o döyüşlərdə 3000 şəhid verib. Biz bunu niyə yada salmaq istəmirik?
Qardaşlar arasında qan borcu söhbəti ola bilməz. Qardaş qardaşa görə qan da tökər, hər şey də edər. Bunu heç kim heç kimin başına vurmalı deyil. Ona görə mən hesab edirəm ki, bu müzakirələri davam etdirməyə ehtiyac yoxdur. Müzakirələrin vaxtı 30 dəqiqə idi, artıq 35 dəqiqə keçib. Kimin nə təklifi var, xahiş edirəm, yazılı şəkildə versin. Qurtardıq.
Keçirik gündəliyə. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi barədədir. Sözü Əli Hüseynova verirəm. Buyurun, Əli müəllim.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Bilirsiniz ki, Konstitusiyaya təklif edilmiş və artıq ümumxalq səsverməsində qəbul olunmuş əlavə və dəyişikliklərdən biri də Konstitusiyanın 92-ci maddəsində “daimi və başqa komissiyalar” sözlərinin “komitələr” sözü ilə əvəz edilməsi idi. Bu artıq qüvvədədir və qanunverici orqan olaraq bizim qarşımızda duran vəzifə qanunlarımızı Konstitusiyaya uyğunlaşdırmaqdan ibarətdir.
Qeyd edim ki, Milli Məclisin daimi komissiyalarının, – hazırda Məclisdə 11 daimi komissiya mövcuddur, – komitə adlandırılması Avropa ölkələrinin böyük əksəriyyətinin parlament təcrübəsinə uyğunlaşdırmaq məqsədilə həyata keçirilib. Amma bununla yanaşı, “Milli Məclisin komissiyaları” ifadəsi Konstitusiyadan tam çıxarılmayıb, yəni bu ifadə də mövcuddur və qanunlarımızda qalacaqdır. Bu termin Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarına, eləcə də bu və ya digər məsələnin araşdırılması üçün yaradılan, tərkibi və vəzifələri, səlahiyyətləri, fəaliyyət müddəti Milli Məclisin qərarı ilə müəyyən edilən Milli Məclisin müvəqqəti komissiyalarına şamil olunacaqdır. Ona görə də biz qanunvericilik toplusuna müraciət edərək, indiyə qədər qəbul etdiyimiz qanunlarda “komissiya” sözünü “komitə” sözü ilə əvəz etmiş və “komissiya” sözündən sonra “komitə” sözünü əlavə etmişik.
Bununla bağlı Milli Məclis Aparatının əməkdaşları tərəfindən müvafiq işlər həyata keçirilmişdir. 9 qanunda və 9 qanunla təsdiq olunmuş əsasnamədə “komissiya” sözündən sonra “komitə” sözü əlavə olunmuşdur. Mən bunların hamısını sadalamaq istəmirəm, çünki layihə sizə paylanıb. Yeganə onu qeyd etmək istəyirəm ki, bu iş bir qədər mürəkkəb idi, həcmi kifayət qədər böyük idi. Hazırlayıb sizə təqdim etdiyimiz layihədə sonradan bir neçə texniki düzəliş etdiyimizə görə bu düzəlişləri diqqətinizə çatdırmaq məcburiyyətindəyəm.
8-ci maddənin 2-ci hissəsində “Milli Məclisi” sözləri “Milli Məclisinin komitə və” sözləri ilə əvəz olunur.
Bu dəyişiklik “Əmək pensiyaları haqqında” Qanunda da öz əksini tapmalı, “komitə” və “komissiya” sözləri bura da əlavə olunmalıdır. Çünki komissiya sədrlərinin pensiya təminatında hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Onların da pensiya təminatı komitə sədrlərinin pensiya təminatına tam uyğun olmalıdır.
“İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə”də edilən dəyişikliklər sizə paylanmış variantda iki bənddir. Bura üçüncü bənd də əlavə olunmalıdır. Əsasnamənin 2–5-ci maddələrində “daimi komissiyaları” sözləri “komitələri” sözü ilə əvəz edilir. Bu üç qeydimi, xahiş edirəm, nəzərə alasınız.
Hesab edirəm ki, bu düzəlişlər qanunvericiliyimizin Konstitusiyaya uyğunlaşdırılması baxımından vacibdir. Ona görə mən millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Mən hesab edirəm, komissiya sədri layihə barədə kifayət qədər məlumat verdi. Bilirsiniz də, bu, referendumun nəticələrinin qanunvericilikdə təsdiq olunması ilə bağlı olan məsələlərdir. Ehtiyac varmı müzakirələrə? Buyurun, münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 12.46 dəq.)

Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1  
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
İkinci məsələ Azərbaycan Respublikası Milli Məclisi komitələrinin təşkil edilməsi haqqındadır. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Gündəlikdəki ikinci və üçüncü məsələlər, bilirsiniz ki, Milli Məclisin qəbul etməli olduğu qərarlardır. Söhbət ondan gedir ki, artıq indi səs verdik və qanunvericilikdə dəyişiklik etdik. Daimi fəaliyyət göstərən komissiyalar artıq komitə oldular. Buna görə də Milli Məclisin komitələrinin təşkil edilməsi haqqında Milli Məclisin qərarı olmalıdır. Bu qərar Konstitusiyanın 92-ci maddəsinin tələbindən irəli gəlir.
Təklif olunur ki, komissiyaların əsasında komitələr təşkil edilsin. Yeganə bir qeydim var. Parlamentin həm komissiyasında, həm də komissiya sədrləri ilə aparılmış müzakirələrdə belə bir fikir səslənib ki, komissiyaların adlarında mövcud olan “məsələləri” sözünə ehtiyac yoxdur. Bu, əslində, xüsusi bir əhəmiyyət və mahiyyət daşımır. Ona görə təklif olunmuşdu ki, komissiyalar komitələr kimi təşkil olunarkən “məsələləri” sözü çıxarılsın. Yalnız Regional məsələlər komitəsinin adında bu söz qalacaq. Çünki bunu “regional siyasət” ifadəsi ilə işlətsəydik, bu, mövcud komitənin fəaliyyət istiqamətlərini müəyyənləşdirməyərək daha geniş anlamda ola bilərdi. Ona görə bu, Regional məsələlər komitəsi kimi qalacaq. Təklif ondan ibarətdir ki, digər bütün komitələrin adından “məsələləri” sözü çıxarılsın.
Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, Sosial siyasət, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin təşkil olunması təklif olunur.
Qərarın ikinci bəndi isə Milli Məclis Aparatına və İşlər İdarəsinə bu qərardan irəli gələn məsələləri həll etməyi tapşırır. Hesab edirəm ki, bu, Aparatda, komissiya sədrləri və Milli Məclisin rəhbərliyi ilə geniş müzakirə olunub. Düşünürəm ki, həmkarlarımız tərəfindən də bu qərar qəbul olunacaqdır. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Əlbəttə ki, bunlar texniki düzəlişlərdir və referendumun nəticələrinin qüvvəyə minməsindən irəli gəlir. Amma hər halda bu bizim fəaliyyətimizi tənzimləyən qanunvericilik qaydalarını pozur. Mən hesab edirəm ki, yalnız texniki, terminoloji düzəlişlərlə kifayətlənilməməlidir. Bu fikri ifadə etmək istəyirdim.
Həqiqətən, bu, Milli Məclisin daimi komissiyalarının, – indi komitələr adlanacaq, – işində bir dönüşə səbəb olmalıdır. Çünki bir az əvvəl iclasa sədrlik edən Ziyafət müəllimin sədri, mənim də üzvü olduğum Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının işinin qənaətbəxş olmadığını, komissiya üzvlərinin qaldırdığı, – hələlik komitə deyil, komissiya üzvləridir, – məsələlərin müzakirə edilmədiyini, heç bir vaxt burada hesabat verilmədiyini, – digər komissiyaların işinə toxunmaq istəmirəm, – dövlətin təhlükəsizlik və müdafiə məsələləri ilə məşğul olan bir komissiyanın faktiki olaraq boşuna işlədildiyini dəfələrlə burada qaldırmışam və bunun yolverilməz olduğunu demişəm. Bunun ağır nəticələri hamımızın əsas problemi olan Qarabağ məsələsinin bir dəfə də olsun Milli Məclisin gündəminə gəlməməsində öz əksini tapmışdır. Mənim demək istədiklərim bundan ibarət idi.
Hörmətli sədarət, hörmətli deputatlar! Bir daha təkrar edirəm, son hadisələr bizə çox ciddi bir dərs olmalıdır və biz, həqiqətən, işləməyə başlamalıyıq. Komissiya üzvləri kimi boşuna maaş alaraq, bura üçüncü, beşinci dərəcəli bir iş yeri kimi baxaraq şəxsi maraqlarımıza, o cümlədən cibimizə və mədəmizə xidmət etməməliyik. Xalqa xidmət etməliyik.
Sonra, bir məsələni qeyd etmək istəyirəm. Hörmətli Sədr burada öz fikrimizi deməyə bizə imkan yaratmadı. Fasilədə Müsavat deputat qrupunun müzakirə olunan məsələ barəsində brifinqi olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr! Təqdim olunan layihə aydındır ki, referendumda qəbul olunmuş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlıdır. Buna uyğun olaraq qanunvericilikdə bir neçə dəyişikliklər edilibdir. Komissiyaların komitələr olması təqdirəlayiqdir və həmçinin digər komissiyaların yaradılması statusu da Milli Məclisin səlahiyyətində qalır.
Bununla yanaşı, burada adlarla, bəzi məsələlərlə bağlı da fikir söylənildi. Mən hesab edirəm ki, biz gələcəkdə bu komissiyaların başqa formaları, sahələri və yaxud da birləşməsi, yenisinin yaradılması məsələlərinə də baxmalıyıq. İndi biz Avropa Şurasının, ATƏT-in üzvüyük, Avropa İttifaqı ilə əməkdaşlıq edirik. Oqtay müəllim, bu yaxınlarda onun komissarı, Cənubi Qafqaz üzrə nümayəndəsi burada iştirak edirdi. Sizinlə də görüşdü. Məsələn, əksər ölkələrin parlamentində Avroatlantik məkanla bağlı komissiya fəaliyyət göstərir. İndi Gürcüstanda həm komissiya var, həm də dövlət naziri bu sahəyə rəhbərlik edir, Avroatlantik məkanla, Avropa Birliyi ilə bağlı işlərdə iştirak edir. Ayrı-ayrı MDB ölkələrində də bu cür hallara rast gəlmək mümkündür. Gələcəkdə imkan olsa, bununla bağlı bir komitənin yaradılmasına baxmaq olar.
Biz keçən dəfə məsələ qaldırmışdıq ki, qanunların hüquqi ekspertizasını həyata keçirməkdən ötrü bir daxili komitə olsun. Yeni qanunları digər qanunlara, Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırmaqdan ötrü bu, vacibdir. Tutalım ki, İqtisadi siyasət daimi komissiyasında və başqa komissiyalarda bir qanun qəbul olunub. Bunlar ona iqtisadi sferadan baxırlar. Amma bunun hüquqi sferası hansı istiqamətdə olmalıdır? Yəni elə bir daimi komitə olsun ki, hüquqi sferadan da bu məsələlərə baxsın və bunu tənzimləsin. Məsələn, Rusiya Federasiyasında, Ukraynada və başqa ölkələrdə gənclər və idman sahəsində qanunvericiliyin hazırlanması və həyata keçirilməsi ilə bağlı komitələr fəaliyyət göstərir.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Burada komissiyaların fəaliyyəti ilə əlaqədar fikirlər söylənildi. Təbii ki, hər bir deputatın qanunvericilik təşəbbüsü hüququ var. Bu o demək deyil ki, hər kəsin yazıb gətirdiyi ilə bağlı qərar çıxarmaq lazımdır. Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası ilə bağlı onu deyə bilərəm ki, komissiyanın bilavasitə qəbul etdiyi qərarlar, o cümlədən o sferaya aid olan sənədlər Azərbaycanın Ali baş komandanının nəzarətində olan bir məsələdir. Azərbaycanın müdafiəsi, təhlükəsizliyi ilə bağlı hər hansı bir qanun layihəsinə, təbii ki, Ali baş komandan baxmalı, onun müəyyən cəhətlərini müəyyənləşdirməlidir. Ondan sonra biz bunu parlamentdə müzakirə edib, qəbul edə bilərik. Mən də o fikrə tərəfdaram ki, biz bu cür qanunlara necə varsa, baxa bilmərik. Bu, ölçülü, biçili olmalıdır. Dar sfera olmasına baxmayaraq, Təhlükəsizlik və müdafiə komissiyası, – indi komitəsi, – tərəfindən Azərbaycan parlamentinin müzakirəsinə kifayət qədər qanunlar təqdim olunubdur.
Oqtay müəllim, Siz bir məsələyə də fikrinizi çox düzgün bildirdiniz, düzgün qərar verdiniz. Mən hesab etmirəm ki, kimlərsə Türkiyə-Azərbaycan münasibətlərindən özlərinin siyasi karyerası və yaxud da mətbuatın gündəmində qalmaq üçün şou düzəltməlidir. Parlamentdə təmsil olunan siyasi partiyalar bu məsələ ilə bağlı müraciət qəbul edib, göndəriblər. Kim iştirak etməyibsə, bu artıq onun problemidir. Gözləmə mövqeyi tutmaq, sonradan nəticəyə başqa formada münasibət bildirmək vətənin, eyni xalqın problemindən yox, insanların özlərinin siyasi manevr etmək və oyun oynamaq fikrindən irəli gəlir. Biz qardaş millət, qardaş dövlətik. Azərbaycan xalqı bilir ki, bu, Ermənistanın və burada adları sadalanan dövlətlərin təxribatıdır, türk xalqı da, türk dövləti də, türk hökuməti də heç vaxt belə addım atmaz və bundan sonra da atmayacaq. Biz buna əminik, biz birik, həmrəyik. Qardaş da qardaşdan küsür, inciyir, amma hərdən öz fikrini də deyir. Bunun heç birinin ümumi prinsipə dəxli yoxdur.
Mən qeyri-hökumət təşkilatlarından da, siyasi partiyalardan da, ayrı-ayrı insanlardan da xahiş edirəm, bu məsələdən şou düzəltməsinlər. Biri özünü reklam etmək üçün piket keçirməyə hazırlaşır, digəri bəyanat imzalayır. Heç iki cüt, bir tək üzvü yoxdur, ortaya düşüb fikir söyləməyə çalışır. Bunların hamısı reklam xarakteri daşıyır. Bunun Türkiyə-Azərbaycan münasibətlərinə heç bir aidiyyəti yoxdur. O dəqiqə görürsən ki, tərkibi qarışıq olan adamlar qəzet səhifəsinə çıxır, geniş məqalələr verməyə başlayır. Bu məsələlərə açıq gözlə, düzgün baxmaq lazımdır və ətlə dırnağın arasına girmək lazım deyil. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sizin komitələrlə bağlı dediyiniz fikrə mən bir balaca aydınlıq gətirim. Çox düzgün fikir söylədiniz. Nəzərinizə çatdırım ki, Azərbaycan parlamenti və onun Aparatı Avropa İttifaqı tərəfindən irəli sürülən Tvinninq proqramında iştirak edir. Biz Litva parlamenti ilə bir yerdə işləyəcəyik. Bunun nəticəsi olaraq yəqin ki, yeni komitələr meydana gələcək. Buyurun, Fuad Muradov.
F. Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də Siyavuş müəllimin fikrini dəstəkləyirəm. Siz bilirsiniz ki, biz dəfələrlə bu məsələni müzakirə etmişik. Türkiyə ilə bağlı son olaylar onu göstərir ki, biz belə bir komissiyanın yaradılmasına diqqəti artırmalıyıq və ümumiyyətlə, Avropa təşkilatları ilə daha sıx əməkdaşlıq etməliyik.
Oqtay müəllim, mən bir fikri mütləq burada bildirməliyəm. Bizim üçün ən vacib olanı Dağlıq Qarabağ məsələsidir. Burada fikir söylənildi ki, Azərbaycan bu istiqamətdə uğur qazanmayıb. Mən buna cavab olaraq bildirmək istəyirəm ki, ermənilərin bu gün türklərlə əməkdaşlığa getmək istəməsi bizim uğurumuzdur. Bizim uğurumuzdur ki, bu gün türk ictimaiyyəti sərhədlərin açılmasının əleyhinədir. Bu məsələdə yuxarıdan gələn göstərişlə heç bir kampaniya aparılmır, sadəcə, insanlar öz fikirlərini bildirirlər.
Mən də bir qeyri-hökumət təşkilatının rəhbəriyəm. Biz də ən böyük gənclər təşkilatı olaraq öz fikrimizi bildirmişik. Bizə yuxarıdan heç bir göstəriş gəlmir. Bu bizim mənəvi məsələmizdir və biz də bunu burada vurğulamışıq.
Bir də, bizim istəyimiz heç də Türkiyəyə qarşı kampaniya aparmaq deyil. Biz istəyirik ki, Türkiyə də digər ölkələr kimi beynəlxalq hüquqa, beynəlxalq normalara öz fikrini düzgün istiqamətdə bildirsin. Necə olur ki, biz ATƏT-in Minsk qrupunun üzvü olan Fransadan bunu tələb edirik, amma Türkiyədən tələb edə bilmirik? Mən bir fikrimi də bildirmək istəyirəm. Burada çox düzgün deyildi ki, daha geniş istifadə olunmaq üçün, yəni həm qanun, həm əməkdaşlıq baxımından komissiya olaraq biz buna baxaq. Bu həm də gözəl bir siqnaldır və biz onu beynəlxalq təşkilatlara göndərə bilərik. Təşəkkür edirəm, çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən yeni komitələrin yaradılması ilə bağlı ideyanı dəstəkləyirəm və düşünürəm ki, Milli Məclisdə daha bir komitə yaradılmalıdır. 20 faiz torpağı işğal altında olan ölkənin parlamentində bu məsələni daim diqqət mərkəzində saxlamaq üçün Qarabağ komitəsi olmalıdır.
Oqtay müəllim, mən Cəmil Həsənliyə şəxsən öz etirazımı bildirdim, amma istəyirəm, Milli Məclisin tribunasından da deyim ki, çox təəssüf ki, Cəmil Həsənli bizim milli maraqlarımıza söykənməyən bir çıxış etdi. Bəzi müxalifət partiyaları bir tərəfdən ictimaiyyətin qınağından qorxaraq Türkiyənin Ermənistanla sərhədlərinin açılmasını pisləyirlər, digər tərəfdən də deyirlər ki, guya kimsə Türkiyə əleyhinə kampaniya aparır. Həmin qüvvələrə üzümü tuturam: Biz də sizin kimi deyirik ki, Türkiyə Ermənistanla sərhədləri açmaz. Türkiyənin indiki iqtidarına bizim dediklərimizdən on qat artıq sərt sözləri Türkiyə ictimaiyyəti dedi. Nə tez yadınızdan çıxdı, Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri bu aparılan danışıqları Azərbaycan türklərinin kürəyinə arxadan sancılmış bıçaq kimi qiymətləndirdi. Biz də deyirik ki, sərhədlər açılsa, bu, bir qardaşın digər qardaşa xəyanəti olar.
İkinci, deyilən sözləri bir kənara qoyaq, Qarsdan avtomobil yolu çəkilir. Böyük texnika işə salınıb, Ermənistanla sərhədə yol çəkilir. Deyirsiniz ki, indi biz buna göz yumaq? Ən radikal müxalifət partiyası öz oxucuları arasında sorğu keçirdi və o radikal oxucular belə İlham Əliyevin atdığı son addımı müdafiə etdilər, dəstəklədilər. İndi deyirlər ki, biz mətbuatı oxuyuruq. Axı mətbuatı oxusaydınız, bunları görmüş olardınız. Məhz elə xarici mətbuatda qeyd olunurdu ki, ayın 16-da Türkiyə Ermənistanla sərhədlərin açılmasına dair bir memorandum imzalamağa hazırlaşır. O fikri qətiyyətlə pisləyirəm ki, guya kiminsə tapşırığı ilə burada məsələyə münasibət bildirilir.
Oqtay müəllim, yəqin, xatırlayırsınız, Abdullah Gül Ermənistana gedib düşmən dövlətin başçısı ilə futbola baxanda mən bu tribunadan bunu pisləmişdim. Demişdim ki, mən çox istəyərdim ki, Abdullah Gül gəlib Azərbaycanın Prezidenti ilə birgə futbola baxsın. Düşmən dövlətin başçısı ilə birgə oturub futbola baxmazlar. Bəli, problemlərin həlli üçün danışıqlar aparmaq olar. Amma Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan ölkənin başçısı ilə birgə futbola baxmazlar. Biz bunu pisləyirik.
Türkiyə ictimaiyyəti də, Azərbaycan ictimaiyyəti də gördü ki, məhz Azərbaycanın və Türkiyə ictimaiyyətinin sərt təpkiləri olmasa idi, Ərdoğan “Qarabağ məsələsi həll olunmayınca biz sərhədləri açmayacağıq” bəyanatını vermirdi. Bu boyda hadisəni görməməzliyə vurmaq və demək ki, guya kim isə Türkiyənin əleyhinə kampaniya aparır, bu heç kəsə başucalığı gətirmir. Mən hesab edirəm ki, bu formada Türkiyədəki qüvvələrin dəstəyini qazanaraq nəyə isə nail olmaq, ciddi uğurlar əldə etmək mümkün deyil. Ona görə də mən üzümü bəzi həmkarlarıma tutub deyirəm ki, bu cür fəaliyyətlərinə birmənalı şəkildə son qoysunlar. Mən təklif edilən dəyişiklikləri dəstəkləyirəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail müəllim, əgər Siz də bu məsələ ilə bağlı danışacaqsınızsa, xatırladım ki, buna imkanınız çox olacaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə? Buyurun.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Mən Qüdrət Həsənquliyevin fikirlərini tamamilə bölüşürəm. Hörmətli cənab Sədr, Sizin bununla bağlı çox lakonik şəkildə dediyiniz fikirlər burada oturan millət vəkillərinin mütləq əksəriyyətinin fikirlərini ifadə etdi. Bundan sonra Milli Məclisdə bu məsələnin müzakirəsinə ehtiyac yoxdur. Bu məsələyə nöqtə qoymaq lazımdır. Lakin Sizin və Cəmil Həsənlinin də diqqətinizə çatdırmaq istəyirəm ki, 5 partiya – Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ədalət Partiyası yaranmış situasiya ilə əlaqədar müstəqil olaraq Türkiyə Böyük Millət Məclisində təmsil olunan partiyalara müraciət edib və birgə toplantı keçirilməsini onların diqqətinə çatdırıb. Xahiş etmişik ki, belə bir toplantının keçirilməsi üçün onlar Bakıya gəlsinlər.
Biz Milli Məclisin deputatları olaraq etika naminə Milli Məclisin rəhbərliyini bu məsələ ilə bağlı məlumatlandırmışıq. Cənab Oqtay Əsədovun diqqətinə çatdırmışıq ki, biz – 5 partiya belə bir təşəbbüsdə bulunuruq və belə bir təşəbbüsdə varıq. Cənab Oqtay Əsədov da Azərbaycan Respublikasının qanunlarına, Milli Məclisin Nizamnaməsinə uyğun olaraq bizim təşəbbüsümüzə imkan yaradıbdır. Cənab Sədr, imkandan istifadə edib Sizə öz təşəkkürümü bildirirəm.
Beləliklə, sabah Türkiyədən iki partiyanı təmsil edən millət vəkilləri Bakıya gəlir. Düşünürəm ki, belə bir toplantı Azərbaycan və Türkiyə xalqının iradəsini ifadə edəcək və biz normal, konstruktiv bir müzakirə aparacağıq. Bir daha Azərbaycanı və Türkiyəni istəməyən düşmənlərə nümayiş etdirəcəyik ki, Türkiyə və Azərbaycan həmişə bir yerdədir. Çox təəssüf edirəm ki, Ədalət və İnkişaf Partiyası bizim dəvətimizi qəbul etsə də, indi bizə bəlli olmayan səbəblərə görə toplantıda iştirak etməyəcək. Biz buna təəssüf edirik. Düşünürəm ki, sabah keçiriləcək tədbir strateji məqsədlərə çatmaqda həm Azərbaycan, həm də Türkiyə cəmiyyətinə və dövlətinə öz töhfəsini verəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Mən də komitələrin, o cümlədən Qarabağ komitəsinin yaradılması ilə əlaqədar verilən təklifi müdafiə edirəm. İstərdim ki, Qarabağ və Türkiyə-Ermənistan məsələlərinə çox qısa şəkildə münasibətimi bildirəm. Heç kim üçün sirr deyil ki, baş verənlər ölkəmizin ərazi bütövlüyü üçün təhlükənin nə qədər real olduğunu bir daha ortaya qoydu. Ancaq torpaqlarımızla bağlı belə bir təhlükəli məqamda aparılan danışıqların Milli Məclisin üzvlərindən hələ də gizli saxlanılması, real vəziyyət haqqında deputatlara məlumat verilməməsi, bu məsələnin Milli Məclisdə müzakirə olunmaması başa düşüləsi deyil. Niyə biz millət vəkili olaraq aparılan danışıqlar haqqında məlumatlandırılmırıq? Niyə biz millət vəkili olaraq seçicilərimizə Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı məlumat verəndə qəzetlərdən oxuduğumuz və əksər hallarda ayrı-ayrı jurnalistlərin subyektiv fikirlərinə əsaslanan məlumatlara istinad etməliyik? Niyə biz axırıncı danışıqlar haqqında məlumatları Türkiyə mətbuatından almalıyıq? Son 3 il müddətində xarici işlər naziri bir dəfə də olsun burada çıxış edərək bizə və bizim şəxsimizdə seçicilərimizə məlumat verməyib. Mən millət vəkili olaraq buna aydınlıq gətirilməsini istərdim.
Hesab edirəm ki, baş verən son hadisələr işğal olunan torpaqlarımızla bağlı vəziyyətin həddindən artıq təhlükəli bir məcraya gəlib çıxdığını göstərir. Mütləq Milli Məclisin xüsusi iclası çağırılmalı və bu iclasda əlaqədar dövlət strukturlarının iştirakı ilə məsələ ətraflı müzakirə olunmalı və lazımi qərarlar qəbul olunmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. İltizam müəllim, əgər birdən Siz bu danışıqlardan nəyi isə öyrənsəniz, mənə də deyin, mənim də xəbərim olsun. Bu danışıqlardan mənim də xəbərim olmayıb, heç kəsin xəbəri olmayıb. Dövlət bu danışıqda iştirak etmir ki, gəlib məruzə də etsin. Hansı danışıqda iştirak edib? Bu düz yanaşma deyil.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nəsib müəllim, bu istiqamətdə danışmaq istəyirsiniz? Qurtardıq, axı, bu söhbəti.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, buyurun, danışın.
N. Nəsibli. Çox təşəkkür edirəm. Daxili Nizamnamədə yazılıb ki, əgər deputat israr edirsə, ona gərək danışmaq imkanı verəsiniz.
Sədrlik edən. Danışmaq imkanı verdim. Xahiş edirəm, mənə Nizamnaməni öyrətmə.
N. Nəsibli. Sadəcə olaraq, xatırladıram. Arzu edirəm ki, bu komissiyalarla bağlı qəbul edəcəyimiz qərarlar keyfiyyət dəyişikliyinə gətirib çıxarsın, bunlar işlək komitələr olsun və daxili bir dəyişikliyə təkan versin. Normal ölkələrdə parlamentin işi bu komitələrin üstündə cəmləşir. Belə deyək, bu dəyişiklik Milli Məclisin Ali Sovetdən Milli Məclisə, normal parlamentə çevrilməsində bir mərhələ olsun.
Deyilən məsələ ilə bağlı bir az fərqli fikrimiz var. Niyə buna belə qısqanc yanaşırsınız? Professor Cəmil Həsənli nə dedi ki, sizin xoşunuza gəlmədi? O dedi ki, bizim dostluğumuzun, qardaşlığımızın bir tarixi var. Onu minnət üçün demədi, xatırlatdı. Həqiqətən də, 1918-ci ildə bizi xilas etməsəydilər, Azərbaycan da olmazdı və ən azından azərbaycanlılar bu tərkibdə burada olmazdı. Bu həqiqətdir.
İkinci, o iş ki məmurun səlahiyyətindədir və onu məmur görməlidir, – ya xarici işlər naziri olsun, ya da o biri olsun, –bu niyə ictimaiyyətin vasitəsi ilə həyata keçirilir? Bu da anlaşılır, buna xalq diplomatiyası deyə bilərsiniz. Amma bunun arxasında duran bir məsələ var. Türk qanı daşıyan bir adam televiziyada gedən verilişlərə baxanda narahat olmamalıdır məgər? Deyirlər ki, türklər bizi satdı. Deyirlər ki, bundan sonra türk mahnıları oxumayacağıq. Deyirlər ki, filan şey olsun, sanksiya tələb etmək lazımdır. Ona görə narahatıq. Burada oturanların heç biri sərhədlərin qeyd-şərtsiz açılmasına biganə qala bilməz. Yəni yanaşma fərqlidir və bundan narahat olmaq lazım deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Yəqin, Siz narahat olursunuz. Bizim heç bir narahatlığımız yoxdur. Hamı öz fikrini dedi. Narahat olmayın. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail İbrahimliyə də söz verim, sonra. Buyurun.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Belə bir deyim var: “yaman gün insanları birləşdirir”, “hər yanlışda bir naxış var”. Son illər Azərbaycanın siyasi həyatında hər bir insanı narahat edən bu məsələ, çox şükürlər olsun ki, bu günlərdə səngiyib. Hər kəs bu məsələnin mahiyyətini dərk etdi. Türkiyə dövlətinin Baş nazirinin sərhədlərin açılmayacağı ilə bağlı dedikləri hər birimizdə böyük ümid və sevinc yaratdı. Bu məsələ Azərbaycan xalqının birliyini ifadə etdi. Sərhəd məsələsində xalq birdir. Bu məsələ Türkiyə xalqı ilə Azərbaycan xalqının həmrəyliyini ifadə etdi. Dövlət səviyyəsində atılan hər hansı bir yanlış addımı xalq dəstəkləyə bilməz.
Nəhayət, bu müzakirələrin gedişində və kütləvi informasiya vasitələrində məni qane etməyən bir məqam var. Oqtay müəllim, məsələ belə qoyulur ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədin bağlanmasının bütün ağırlığı Azərbaycanın çiynindədir. Axı belə deyil. Keçən il bu Milli Məclisdə Türkiyə Cümhuriyyətinin Prezidenti 3 prinsip irəli sürdü. Birinci prinsip bu idi ki, Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Tanıyırmı? İkinci prinsip ondan ibarət idi ki, Ermənistan ərazi iddialarından əl çəkməli, genosiddən imtina etməlidir. Nəhayət, üçüncü prinsip də bu idi ki, Ermənistan Azərbaycanın işğal etdiyi zonalardan öz qoşunlarını geri çəkərsə, sərhəd açıla bilər. Demək 3 prinsipdən 2-si Türkiyənin dövlət, millət kimi öz üzərindədir. Bunun bir qanadı bizə çatıb. Amma biz elə bir fəryad edirik ki, guya bütün bunlar elə bizə görədir. Türkiyənin tarixinə ləkə yaxır, Avropada biabır edir, 7 böyük vilayətini istəyir. Bütün bunların fonunda Türkiyənin Ermənistana olan münasibətində Azərbaycanın özü boyda problemləri var.
Ona görə güman edirəm ki, sərhədlərin açılması Azərbaycandan fərqli olaraq Türkiyənin ikiqat, üçqat ziyanınadır. Türkiyənin rəhbərliyi bunu başa düşür və düşəcək. Güman edirəm ki, türk xalqı və Azərbaycan xalqı – bu vahid birlik belə bir yanlış addımın atılmasına heç vaxt imkan verməyəcək. Şükürlər olsun ki, belə oldu. Sağ olun.
Sədrlik edən. Buyurun, Gülhüseyn müəllim.
G. Əhmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsindən danışmaq istəmirəm, çünki Türkiyənin dövlət rəhbərləri son günlər qəti şəkildə dedilər ki, sərhədlər açılmayacaq. Biz buna görə narahatıq, ancaq bilirik ki, türklər də, azərbaycanlılar da həmişə ədalətsiz, nahaq işlərdən böyük əziyyət çəkiblər. Bunlardan birini mən sizə xatırlatmaq istəyirəm. Bu, II Dünya müharibəsi vaxtı Ahıska – Məhsəti türklərinin Gürcüstandan köçürülməsi məsələsidir. Mən bu məsələyə ona görə toxunuram ki, bu gün yeni təsdiq olunan komitələr bu məsələyə baxsınlar və mümkünsə, bir qanun hazırlasınlar.
1944-cü ilin sonlarında Məhsəti türklərini yaşadıqları torpaqlardan köçürdülər, sürgün etdilər. Onlar deportasiya olunandan sonra çox çətinliklər çəkdilər, Azərbaycanda, Orta Asiyada yaşadılar. Ancaq sovet rejimi dağıldıqdan, Gürcüstan öz müstəqilliyini qazandıqdan sonra Gürcüstan parlamenti 1940-cı illərdə sovet hakimiyyətinin zorla Gürcüstandan köçürdüyü şəxslərin vətənə qaytarılması haqqında qanun qəbul edib. Əlbəttə, Gürcüstandakı ata-baba torpaqlarına dönmək istəyən minlərlə Azərbaycan vətəndaşı olan Ahıska türkü var. Onlar lazım olan sənədləri toplayırlar, Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edirlər. Onların Vətən cəmiyyəti var, o da bu işdə onlara çox böyük köməklik göstərir. Ancaq qanuna əsasən repatriant statusu almaq üçün o sənədlər ingilis dilində hazırlanmalı və notariusda təsdiq olunub səfirliyə verilməlidir.
Ancaq burada bəzi məsələlər çətinlik törədir. Nədir o məsələlər? Birinci, sənədlərin hazırlanması üçün hər bir ərizəçiyə 70-80 manat vəsait lazımdır. Bir ailənin sənədlərinin hazırlanması üçün 400-500 manat vəsait gərəkdir. Bu da ağır problemdir, bilirik. Təqdim edilmiş sənədlər Gürcüstanın müvafiq nazirliyi tərəfindən yoxlanıldıqdan sonra qəbul edilir. Qanuna əsasən repatriant statusu almış şəxslər Gürcüstandakı ata-baba torpaqlarına dönmək hüququ qazanırlar. Lakin burada bir məsələ var. Qanunda həmin vətəndaşların əmlak hüququ, torpaqları, evləri necə olacaq, bu haqda heç bir məlumat yoxdur. Buradan köçüb gedən Azərbaycan vətəndaşı orada özünə torpaq, ev almalıdır. Bu məsələlərin həllində böyük çətinliklər yaranıb. Köçmək istəyənlərin orada çox böyük problemləri var. Mənə səs verən seçicilərin təklifini nəzərə alıb xahiş edərdim ki, bizim əlaqədar komitələr gündəliyə Reportasiya haqqında qanun layihəsi çıxarsınlar, qəbul edək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gülhüseyn müəllim, Siz bilirsiniz ki, 1990-cı illərdə Azərbaycana 50 min Ahıska türkü gəlib. Ahıska türklərindən Azərbaycan vətəndaşlığını qəbul edənlər də var. Onlar köçənlər deyil, Azərbaycan vətəndaşlarıdır. Vətəndaşlığı qəbul etməyənlər də var.
Səməd müəllim buradadırsa, deyə bilər, Gürcüstanın Avropa Şurası Parlament Assambleyası qarşısında öhdəliyi var. Bu öhdəliyi Gürcüstan özü yerinə yetirməlidir. Bizim bu məsələlərə qarışmaq ixtiyarımız yoxdur. Avropa Şurasında Ahıska türkləri haqqında qərar qəbul olunub. Biz Gürcüstan hökumətinin nümayəndə heyətini qəbul etmişik, onların qarşısında bu məsələləri qoymuşuq. Onlar bunlarla məşğul olurlar. Nizami Cəfərov.
N. Cəfərov. Çox sağ olun, Oqtay müəllim. Burada bir fikir səsləndi, ona münasibət bildirəcəyəm. Bir az iddia ilə, bir az minnətlə fikir səsləndi ki, 1918-ci ildə Qafqaz İslam ordusu, yəni türk əsgəri gəldi, Bakını, Azərbaycanı xilas etdi. Guya bu hərəkat olmasaydı, Azərbaycan xalqı qırılardı və bu gün üzərində oturduğumuz sərvətə görə türk əsgərinə minnətdar olmalıyıq. Təbii ki, bu minnətdarlıq var, amma hər bir xalqın yaşaması üçün birinci növbədə o xalq özü-özünə minnətdar olmalıdır. Bu fikir çox böyüdülməməlidir. O tarixi biz yaxşı bilirik. Azərbaycan xalqının və Azərbaycanın liderlərinin çox böyük xidməti olub. Azərbaycan xalqının öz gücü hesabına Bakı məhz Azərbaycan şəhəri olubdur. Burada məsələni o şəkildə qoymaq, özünü və tarixini aşağı tutmaq, hətta qardaş üçün olsa belə, düzgün fikir deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.20 dəq.)

Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikası Milli Məclisi komitələrin tərkibi haqqındadır. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Artıq səs verdiyimizə görə biz bundan sonra Milli Məclisin komitələri ifadəsindən istifadə edəcəyik. Komitələrin tərkibi komissiyaların tərkibi kimi formalaşıb, yəni tərkibdə heç bir dəyişiklik yoxdur.
Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları isə komissiya kimi fəaliyyət göstərir, tərkibi də məlumdur. Biz ona müdaxilə etmirik, amma qanunvericiliklə məşğul olan komitələrin tərkibi səsə qoyulmalıdır və Milli Məclisin qərarı ilə təsdiq olunmalıdır. Layihə sizə paylanıb, siyahı məlumdur. Biz bütün texniki düzəlişləri etmişik. Millət vəkillərindən bu qərara səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Biz hər bir komitəni ayrılıqda səsə qoymalıyıq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir yerdə. Onda xahiş edirəm, qərar layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 13.22 dəq.)

Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin dördüncü məsələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqındadır. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Bilirsiniz ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası əsasında fəaliyyət göstərir. Yayım Şurası üzvlüyünə namizədlər 2, 4 və 6 il müddətinə seçilirlər. Bu dəfə Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən namizədlər göstərilibdir. Bu siyahı paylanıb və hamıda var. Səsə qoymaq olar. Sadəcə, burada Sahibkarlar Şurası 2, gənclər təşkilatları 2, qadın cəmiyyətləri isə 3 namizəd veriblər. Ancaq hər qurumdan verilən namizədlərdən biri seçilməlidir.
Sədrlik edən. Hansı təkliflər olacaq? İki nəfər çıxışa yazılıb. Ancaq bəri başdan deyirəm, başqa məsələlərdən danışsanız, mikrofonu kəsəcəyəm. Gündəliyə davam eləyin, müzakirələri qurtaraq. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Hörmətli Sədr, əvvəlcədən ultimatuma ehtiyac yox idi, biz gündəlikdən danışacaqdıq. Faktiki olaraq, İctimai televiziyanın yaradılmasının tarixi hamıya məlumdur. Bu, beynəlxalq təşkilatların güclü təkidi və tövsiyələri əsasında yaradılmışdır. Hesab olunurdu ki, Azərbaycanda teleefir məkanının icra hakimiyyətinin diktəsindən, nəzarətindən, inhisarından və senzurasından, qeyri-rəsmi də olsa, kənarda fəaliyyət göstərməsinə şərait yaranacaqdır. Amma hazırda faktiki olaraq, Azərbaycanda iki dövlət televiziyası fəaliyyət göstərir. Bunlardan birinin adı rəsmən dövlət televiziyasıdır. Çox təəssüf ki, İctimai televiziya da dövlət televiziyası kimi fəaliyyət göstərir.
Əlbəttə, ədalət naminə deməliyəm ki, İctimai televiziyanın rəsmi dövlət televiziyasından əhəmiyyətli dərəcədə müsbət istiqamətdə fərqlənən bir yayım təcrübəsi vardır. Bir sıra çox uğurlu verilişləri, xüsusən mədəniyyətlə, sosial həyatla bağlı bir sıra uğurlu verilişləri, müzakirələri qeyd etməyə və göstərməyə bilmərik. Əgər ikisinin arasında müqayisə gedərsə, şübhəsiz ki, İctimai televiziya rəsmən dövlət televiziyası adlanan telekanaldan qat-qat, dəfələrlə daha çox tamaşaçı kütləsi toplamışdır və həqiqətən, Azərbaycanın baxılan telekanallarından birinə çevrilmişdir. Amma bir daha təkrar edirəm, təəssüf ki, o, “ictimai televiziya” anlayışına və İctimai televiziya yaradılarkən nəzərdə tutulan konsepsiyaya cavab vermir. Bu gün seçiləcək üzvlər, faktiki olaraq təyin olunurlar. Bizim hörmətli həmkarlarımız da, şübhəsiz ki, onların əleyhinə səs verməyəcəklər.
Bir daha təkrar edirəm, istəyimiz ondan ibarətdir ki, bu istiqamətdə vəziyyət düzəldilsin. Onun ikinci dövlət televiziyası kimi yox, həqiqətən, İctimai televiziya kimi fəaliyyət göstərməsinə şərait yaradılsın. Xüsusən siyasi mənsubiyyətindən, ölkədə iqtidarın apardığı siyasətə münasibətindən asılı olmayaraq, bütün mövqelərin ifadə olunmasına şərait yaradılsın. Bir daha təkrar edirəm, təhsil və mədəniyyət siyasəti sahəsində, ölkənin sosial problemlərinin şərhində bütün mövqelərin ifadə olunmasına burada imkan yaradılsın.
Hörmətli Sədr, şübhəsiz ki, Sizin xəbərdarlığınızı nəzərə alırıq. Amma ötən iclasda televiziya siyasətinin, habelə dövlət qurumunun məsələsi müzakirə olunarkən onun sədrinin, həm İctimai televiziyaya rəhbər vəzifələrin təyinatında, dövlət siyasəti ilə bağlı məsələlərin müəyyən edilməsində həlledici rol oynayan sədrinin burada bir cür çıxış etməsi, dəhlizə çıxdıqdan sonra mənim və Sabir Rüstəmxanlının adını çəkərək, “mən onları, müxalifəti nəzərdə tuturdum” deməsi, bunu bir bəyanat kimi verməsi hazırda televiziya məkanında yaranmış mühüm problemlərdən biri kimi nəzərdən keçirilməlidir. Hesab edirəm ki, Milli Məclis, sadəcə, Sizin şəxsinizdə keçən dəfə buna öz münasibətini bildirdi və bəzi deputatlar da öz fikirlərini ifadə elədilər. Lakin məsələnin bu şəkildə qalmasına yol vermək olmaz. Heç şübhəsiz ki, bu məsələ əlaqədar problemi həll etmək səlahiyyəti varsa, həmin orqanın qarşısında rəsmi şəkildə qaldırılmalıdır.
Nəhayət, mən bir neçə gün əvvəl Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd elədim. Yeri gəlmişkən, bizə paylanmış əvvəlki üçrəqəmli telefon xüsusi rabitə vasitəsi hesab olunur. Bu telefon nömrələrindən kənar şəxs istifadə etməməlidir. Yalnız hansı şəxsin adına təhkim olunubsa, onlar cavab verməlidirlər. Amma dövlət hakimiyyəti orqanlarının nümayəndələrinə müraciət etdikdə katibələri və ya köməkçiləri cavab verirlər. Ümumiyyətlə, onlar bu telefonu götürmürlər. Mən zəng elədim, yenə onun köməkçisi cavab verdi. Bildirdim ki, Milli Məclisin iclaslarını dövlət televiziyasında həftədə bir dəfə işıqlandırmalı olan veriliş kim tərəfindən hazırlanır? Onlar bunu Milli Məclisin Televiziya mərkəzinin üzərinə atmağa cəhd elədilər. Sonra mən deyəndə ki, bu məsələni Milli Məclisdə qaldıracağam, dedilər, buna sədr özü cavab verə bilər, sədr də hələ gözə görünmür.
Bizim qeyri-hökumət təşkilatları monitorinq aparıb. Həmin monitorinqdə aydın olub ki, televiziyada çıxışların verilməsi bir tərəfə dursun, kadrların göstərilməsində də ayrı-seçkiliyə yol verilir. Ömründə bir dəfə də burada çıxış eləməyən, heç bir məsələyə mövqeyini bildirməyən hansısa deputat, əgər istəsəniz, adını da çəkə bilərəm, bəzi şou proqramlarında olduğu kimi, 9 dəfə ekranda göstərilir. Amma siyasi, hüquqi xarakterli çıxış eləyən İltizam Əkbərlini göstərmirlər. Ondan sonra çıxış edən hörmətli Baba müəllimin bütün çıxışı verilir. Bütün bunlar yolverilməzdir.
Bu televiziyalar heç kimin atasının malı deyil. Həm bu televiziya, həm də dövlət televiziyası dövlət büdcəsindən maliyyələşir, xalqın pulu, dövlətin vəsaiti sərf olunur. Buradakı müxalifət deputatlarının, ümumiyyətlə, göstərilməməsi və səslərinin efirə verilməməsi yolverilməzdir. Hətta bu kadrların hərəsinin öz qiyməti var. Hər kadra 3–5 manat pul da qoyurlar. Mən bunu iddia edirəm və üstündə dururam. Lazım olsa, bunu sübut eləməyə də hazıram. Bu cür biabırçılıqlara son qoyulmasını və dövlətin televiziya siyasətinin ciddi şəkildə dəyişdirilməsini tələb edirik. Şuranın yeni seçilən üzvlərindən bu istiqamətdə fəaliyyət göstərməsini, bu işə təsir etməsini təmənna edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Pənah bəyin burada İctimai televiziya ilə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı dediklərinə qatılıram. Yadınıza salmaq istəyirəm ki, İctimai televiziya Avropa Şurasının, ölkə ictimaiyyətinin, Azərbaycanda fikir plüralizmini və müxtəlifliyini tələb eləyən, onun ekranda əks olunmasını istəyən qüvvələrin istəyi ilə yaradılıb. İctimai televiziya özünü eynilə Az.TV kimi aparır. Doğrudur, orada bəzi vətənpərvərlik verilişləri, Güney Azərbaycanla bağlı verilişlər bizi qane eləsə də, bütövlükdə İctimai televiziya hakimiyyətin iradəsindən, nəzarətindən kənara çıxa bilmir.
Aydın məsələdir ki, ölkədə bütün televiziyalar Azərbaycan hakimiyyətinin nəzarətindədir, bəzi özəl televiziyalar isə onun senzurası altındadır. İctimai televiziya da eynilə özünü bu formatda aparır. Biz müxalifət partiyası olaraq, Müsavat olaraq İctimai televiziyaya müraciət eləmişik. Dünən də biz bu məsələni müzakirə etmişik. Götürün, baxın, uzağa getməyin, indi qınaq obyekti elədiyimiz Türkiyənin televiziyalarına baxın. Bir tərəfdə iqtidardır, digər tərəfdə müxalifətdir. Televiziyanı iki yerə bölürlər, Ərdoğan öz münasibətini bildirir, Baxçəli öz münasibətini bildirir, Dəniz Baykal öz münasibətini bildirir. Azərbaycan ictimaiyyəti, Türkiyə ictimaiyyəti də buna baxır. Türkiyə–Ermənistan sərhədlərinin açılmasına ən böyük təpkini həmin televiziyalar göstərir. Çünki xalq onu qane eləməyən məsələdən agah oldu və bu məsələyə təpki göstərdi. Azərbaycanda isə bu mənzərə yoxdur.
Çox uzağa getməyin, Gürcüstana baxın. Çox deyirik ki, Gürcüstanda aclıqdır, iqtisadi tənəzzüldür. Amma Gürcüstan nə cür inkişaf edir? Gürcüstanda rüşvət yoxdur, demokratik qurumlar inkişaf edib. Gürcüstan, demək olar ki, özünü Avropa ölkələrindən biri kimi hiss etməyə başlayıb və Gürcüstan xalqı özünün üstünlük kompleksini yaşamaq qürurundadır. Bəli, Gürcüstanda fikir müxtəlifliyinin televiziyaya gəlməsi, insanların sərbəst şəkildə öz fikrini meydanlarda, televiziyada deməsi, sərbəst toplaşma hüququndan tam istifadə etməsi göz qabağındadır. Çox təəssüflər olsun ki, Azərbaycan haqqında bunu söyləmək olmaz.
İctimai televiziyadan, xalqın gözləntisi, bizlərin gözləntisi ondan ibarət idi ki, Azərbaycan müxalifəti təkcə hansısa beynəlxalq məsələlərə həsr olunan, iqtidarın mənafeyinə toxunmayan verilişlərə dəvət edilməsin, ölkənin ictimai-siyasi həyatı ilə bilavasitə bağlı olan məsələlərdə fikir müxtəlifliyi təmin olunsun. Sizə sual edirəm. İndiyə qədər, söhbət son 3 ildən gedir, İctimai televiziyada müxalifət partiyalarından hansısa liderin ölkədə, dünyada baş verən siyasi proseslərlə bağlı çıxışına, bəyanatına, iqtidarı tənqid eləyən fikirlərinə rast gəlmisinizmi? Qətiyyən rast gələ bilməzsiniz. Çünki bu televiziya hakimiyyətin nəzarəti altındadır. Bu isə Azərbaycanda fikir plüralizminin olmamasını, Azərbaycanda fikir müxtəlifliyinin olmadığını, keçmiş Kommunist Partiyasının dövründə olduğu kimi, “Yeni Azərbaycan Partiyası, xalq, millət” şüarı altında fəaliyyət göstərdiyini sübut edir. Biz buna qəti etiraz edirik və ana müxalifət olaraq bu məsələlərlə bağlı özümüzün kəskin bəyanatımızı vermişik. Bu məsələlərlə bağlı sizə də müraciət edirik, bu məsələləri Milli Məclis qarşısında qaldırırıq.
Bəli, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin verilişlərinə, yəqin ki, siz də baxırsınız, biz də izləyirik. Burada elə gün olub ki, Müsavat deputat qrupunun üzvləri 10–12 dəfə çıxış etsələr də, iki cümlə verilməyib, heç görüntü belə verilməyib, müxalifətdən olan millət vəkilləri ekranda belə göstərilməyib. Jurnalistlər bizi ilin fəal millət vəkilləri seçiblər. Yazıq seçicilərimizin, Azərbaycan xalqının xəbəri yoxdur ki, nəyə görə bizi bu ada layiq görüblər. Parlamentdə çıxışlarımız olur, amma bu Sizi, Azərbaycan iqtidarını qane eləmədiyinə görə televiziyada göstərmirlər. Amma millət vəkilinin çıxışına fərq qoyulmamalıdır. Hər halda burada çıxış edənlər də Azərbaycanı Sizin qədər sevən, Azərbaycan üçün vuruşan, çalışan, onun yüksəlişini istəyən, dünyada demokratik ölkə kimi layiq olduğu yeri tutmasını istəyən insanlardır.
Burada adlar çəkildi. Yəqin ki, Fuad Muradov seçiləcək. Mən istəyirəm ki, yeni seçilən adamlar da, parlament rəhbərliyi də, İctimai televiziya da bu tənqidləri nəzərə alsınlar. Az.TV-yə Alışanov deyilən birini qoyublar. Allaha and olsun, onun çıxışlarına bir-iki dəfə qulaq asmışam, bu adam türkün nə olduğunu, Azərbaycanın türk ölkəsi olduğunu bilmir. Bizim milli kimliyimiz haqqında sanki təsəvvürü yoxdur. Bu adamı kənardan gətirib qoyublar və ümumiyyətlə, televiziya sanki onun şəxsi mülkiyyətidir. Yəqin, qəzetlərdə gedən yazılardan görürsünüz ki, Az.TV-də hansı özbaşınalıqlar baş verir və Alışanovun iradəsinə tabe olan və bizi qətiyyən qane eləməyən bir televiziyadır. Bu məsələlərlə bağlı ölçü götürülməlidir. Mən istərdim ki, parlament rəhbərliyi, şəxsən Siz bu məsələlərlə bağlı ölçü götürülməsini tələb edəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Kürsü yaxşı şeydir, hər şeyi danışmaq olur. Hər dəfə ana müxalifət deyirsiniz. Bilmirəm, analıq haqqını sizə kim verib? Burada müxtəlif partiyalar var. Sən çıxış elədin, sənə təmkinlə qulaq asdım. Xahiş edirəm, artıq bir az mətn üzrə çıxış edək. Kimisə günahlandırmağı, qəsd-qərəzliyi kənara qoyaq. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları! İlk növbədə televiziyanın fəaliyyəti ilə bağlı uğurlu hal odur ki, Azərbaycanda İctimai televiziya fəaliyyət göstərir. Azərbaycanın bütün sahələri ilə bağlı verilişlər gedir. Azərbaycan mədəniyyəti ilə, Azərbaycanın ictimai-siyasi həyatı ilə, təhsili ilə, səhiyyəsi ilə bağlı sahələrə toxunulur, verilişlər gedir. Adından da görünür ki, İctimai televiziyadır, siyasi televiziya deyil. İki-üç siyasi partiyanın nümayəndələrini gündə ora çıxarmaq üçün yaranan televiziya deyil. Azərbaycan ictimaiyyətinin televiziyasıdır və şahidi oluruq ki, qeyri-hökumət təşkilatlarının müzakirəsi keçirilir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı onların Dəyirmi masası təşkil olunub. Fikir vermişik, Azərbaycanın qaçqınları ilə bağlı müzakirələr keçirilib, itkin düşənlərlə, girovlarla bağlı verilişlər hazırlanıb. Azərbaycanın yaradıcı insanları ilə bağlı verilişləri olub.
Mən bir faktı göstərmək istəyirəm ki, ATƏT və Avropa Şurasının monitorinqi 2008–2009-cu illərdəki seçkilərdə İctimai televiziyanın fəaliyyətini yüksək qiymətləndirdi. Hətta onun dünya ölkələri arasında reytinqinə görə birinci yerdə olduğunu qeyd etdi. Seçkiqabağı təbliğat gözəl təşkil olundu. Hər bir partiya üçün konkret olaraq vaxt ayrıldı, müzakirələr aparıldı.
Burada sual olundu ki, siyasi partiyaların nümayəndələrini niyə göstərmirlər? Dəfələrlə Müsavat Partiyasını təmsil eləyən Arif Hacılı, Sülhəddin Əkbər, Vurğun Əyyubla İctimai televiziyada mən üzbəüz dialoqda iştirak etmişəm. Siyasi partiyanın rəhbərinə müraciət olunur ki, bir nəfər adam göndər. Sizi göndərmir, onu göndərir. Bunun təqsiri bizdə deyil ki. Gedin, partiyada aydınlaşdırın ki, kim gələ bilər. Bizə də partiya üzrə müraciət olunur. Biz müəyyənləşdiririk ki, partiya üzrə kim getməlidir. Partiyanın rəhbəri, icra katibi müəyyənləşdirir. Deyir ki, filankəs gedib bizi təmsil edəcək. Bu məsələlərin müzakirəsinə kimlər dəvət olunmursa, onların öz günahıdır. Sədrləri ilə bu məsələni araşdırsınlar. Tutaq ki, İsa Qəmbər, ya Arzu Səmədbəyli gəlsə, Sülhəddin Əkbərdən, yaxud Vurğun Əyyubdan əlavə nə deyəcəklər? Eyni müzakirələr aparırıq və istənilən vaxt biz bu müzakirələrdə iştirak eləməyə hazırıq.
Fikir vermişik, İctimai televiziya yarandığı gündən çıxışlar olur. Bizim Milli Məclisin deputatları hər həftənin dördüncü günü dəvət olunur, ayrı-ayrı mövzular qoyulur və birbaşa müzakirələr aparılır. Yəni burada heç bir senzura qoyulmur. Ümumiyyətlə, Azərbaycan əhalisinin siyasi partiyalara mənsub olan hissəsi seçki hüququna malik olanların təxminən beş faizini, on faizini təşkil edir. İctimai televiziya bütün günü on faizə diqqət ayırmalı, 90 faizin nə işlə məşğul olduğuna fikir verməməlidir?
Az.TV ilə bağlı bir neçə fikir səsləndi. Bilirsiniz, bir insanı, bir təşkilatın rəhbərini tanımırsansa, onun haqqında düzgün olmayan fikir yürütmək olmaz. Kim gedib soruşub ki, Arif Alışanovun türklərə münasibəti necədir? Çox gözəldir, çox əladır. O da bir türk övladıdır. Bilirsiniz, bu üsullarla insanlara qarşı təxribat aparmaq olmaz. O, Az.TV-yə gələndən xeyli işlər görülüb, yeni verilişlər də var. O ki qaldı kimisə televiziyada göstərmir, artıq bunu aydınlaşdırmaq başqa məsələnin mövzusudur.
Gündəliyə daxil olan məsələyə qayıdaq. Demək istəyirəm ki, burada iki nəfəri yaxından tanıyırıq. Biri bizim həmkarımız Fuad Muradovdur. O, gənclər tərəfindən irəli sürülüb, 17 yaşından ictimai-siyasi fəaliyyətdədir. Parlament üzvü olandan sonra Azərbaycanı beynəlxalq aləmdə yaxşı da təmsil eləyib. Bacarıqlı, qabiliyyətli, savadlı bir gəncdir və hesab edirəm ki, gənclərə yol açmaq lazımdır. Deputat həmkarlarımdan xahiş edirəm, ona səs versinlər.
Zərifə xanımı uzun illərdir ki, tanıyıram. Zərifə xanım Azərbaycanın ictimai-siyasi həyatında ən fəal iştirak edən insanlardan biridir. Azərbaycanın kitab mədəniyyətinin inkişafında, ümumiyyətlə, yeni kitabların çap olunmasında, miniatür nəşrlərin hazırlanmasında xidmətləri var. Çox böyük bir ailəyə məxsusdur. Azərbaycanın incəsənətini, mədəniyyətini inkişaf etdirən ailəyə məxsusdur. Hesab edirəm ki, Zərifə xanıma da səs verməliyik. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasında onun olması verilişlərin keyfiyyət baxımından da, kəmiyyət baxımından da yaxşılaşmasına xidmət edəcəkdir.
Oqtay müəllim, bir təklifim də var ki, bu məsələləri səsə qoyaq, günortaya qədər fasiləsiz işləyək, qurtaraq. Təşəkkür edirəm.
Sədrlik edən. 11 nəfər millət vəkili çıxış üçün yazılıb. Təkid eləyən varmı? Onda xahiş edirəm, münasibət bildirək. İqbal bəy, gələn dəfə Sizə söz verərəm. Bildim, nədən danışırsınız. Bir az məni tələsdirdilər. Biz ayrı-ayrılıqda səs verməliyik. Sahibkarlıq Şurasından iki namizəd var: Namiq Məsim oğlu Məmmədov və Emin Saday oğlu Nəsibov. İndi Namiq Məsim oğlu Məmmədovu səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.44 dəq.)

Lehinə 99
Əleyhinə 4
Bitərəf 1
Səs vermədi 3 
İştirak edir 107
Nəticə: qəbul edildi
 
Sağ olun, qəbul edildi. Bildiyiniz kimi, biz artıq üçüncü ildir, bu praktika ilə gedirik. Birinci namizəd keçdisə, qərar artıq qəbul olunmuş hesab edilir. İkinci namizəd gənclər təşkilatları tərəfindən Fuad Rauf oğlu Muradovdur.

Səsvermənin nəticələri  (saat 13.45 dəq.)

Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 108
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, qadın cəmiyyətləri tərəfindən Zərifə Teymur qızı Salahova. İqbal Ağazadə, sən təklifini verdin. Səsvermədə iştirak edin, baxarıq. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.46 dəq.)

Lehinə 85
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 1  
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Biz sizə gələcək işlərinizdə uğurlar arzulayırıq. Burada bəzi tənqidlər də eşidildi, inanırıq ki, tənqidlərə siz düzgün yanaşacaqsınız. Sağ olun.
Gündəliyin növbəti məsələsi “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnamənin yeni redaksiyası barədə Qərarın, ona dair Azərbaycan Respublikasının xüsusi rəyinin təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 5-ci və 6-cı məsələlər bir-biri ilə əlaqədardır. Məsləhət olarsa, onları bir yerdə deyim. Bilirsiniz ki, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurası haqqında” Əsasnamə 2002-ci ildə təsdiq olunub. Hazırda bu Əsasnaməyə bir neçə dəyişiklik edilir. Eyni zamanda, həm yeni redaksiya, həm də bütövlükdə Əsasnamə təsdiq olunur. Yəni burada edilən dəyişikliklər, əsasən, redaksiya xarakterlidir. Ona görə millət vəkillərindən xahiş edirəm ki, məsələlərə münasibət bildirsinlər.
Sədrlik edən. İkinci məsələni də, birinci məsələni də ayrı-ayrı səsə qoyuruq. Xahiş edirəm, gündəliyin beşinci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.48 dəq.)

Lehinə 101
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 0  
İştirak edir 105
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Gündəliyin altıncı məsələsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.49 dəq.)

Lehinə 97
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 100
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin üçüncü oxunuşudur. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunmuş Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin Milli Məclisdə bundan əvvəlki oxunuşları, komissiyalarda müzakirəsi, keçirdiyimiz respublika elmi-təcrübi konfransı, mətbuatda verilən yazılar sübut edir ki, dünyada tüğyan edən maliyyə böhranı şəraitində Azərbaycan dövləti rəqabətə qabiliyyətli iqtisadiyyat qurmaq istiqamətində konkret addımlar atır, ölkədə investisiya mühitini yaxşılaşdırmaq üçün bütün imkanlardan səmərəli istifadə etməyi vacib sayır.
Azərbaycanın yerləşdiyi coğrafi mövqe xüsusi iqtisadi zonaların yaradılması üçün geniş imkanlar açır. Qanun layihəsinin birinci və ikinci oxunuşları zamanı vurğulandığı kimi, bu sənəd respublikada xüsusi iqtisadi zonaların yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətləri tənzimləyir, həmin zonalarda sahibkarlıq fəaliyyətinin təşkili sahəsində qaydaları müəyyənləşdirir. Təbii ki, xüsusi iqtisadi zonaların yaradılması iqtisadi inkişaf strategiyasının bir istiqamətidir, bu heç də bütün problemlərin həllinə yönəlmiş məqsəd deyil, regionların sosial-iqtisadi inkişafını və dünya iqtisadiyyatına milli maraqları nəzərə almaqla inteqrasiyanı təmin etmək üçün bir vasitədir. Təcrübə göstərir ki, dünyada əlverişli mühit şəraitində fəaliyyət göstərən xüsusi iqtisadi zonalarda hazırdakı mənfəət norması orta ölkə sahə göstəricilərindən xeyli yüksək, qoyulan kapitalın ödənilməsi müddəti isə hər hansı bir digər layihəyə nisbətən iki-üç dəfə aşağıdır.
Xüsusi iqtisadi zonalar haqqında qanun layihəsinin ikinci oxunuşu zamanı millət vəkillərinin söylədikləri irad və təkliflər işçi qrupu tərəfindən nəzərə alınmış, beynəlxalq təcrübəyə yenidən müraciət olunmuş, bir sıra ölkələrin qanunvericiliyi nəzərdən keçirilmişdir. İqtisadi siyasət daimi komissiyası və işçi qrupu qanun layihəsinin ikinci oxunuşundan sonra layihə ilə əlaqədar edilmiş təklifləri nəzərə almış, sənəddə bir neçə prinsipial və çoxsaylı redaktə xarakterli əlavə və dəyişikliklər etmişdir. Bütün bunlar Prezidentin İcra Aparatı ilə razılaşdırılmışdır.
Hörmətli Elmira xanım Axundova çıxışında qanun layihəsinə öz müsbət münasibətini bildirməklə yanaşı, bir neçə maraqlı məqama toxundu. Deputat həmkarım qanun layihəsində xüsusi iqtisadi zonaların idarə edilməsi sxeminin təkmilləşdirilməsinin vacibliyini vurğuladı. Heç şübhəsiz ki, idarəetmə diqqət mərkəzində olmalıdır. Biz bu məsələni bir daha araşdırdıq, dünya təcrübəsinə müraciət etdik və məlum oldu ki, əksər ölkələrdə fəaliyyət göstərən xüsusi iqtisadi zonalarda idarəetmə sistemi, əsasən, eynidir. Burada səlahiyyətli orqanı, onun funksiyalarını, vəzifələrini dövlət başçısı müəyyən edir, iqtisadi zonanın administrasiyası və operatoru isə bilavasitə cavabdeh təşkilatlardır. Səlahiyyətli orqanla iqtisadi zonanın administrasiyası birləşdirilə bilməz, çünki onlar təyinatı üzrə müxtəlif funksiyanı yerinə yetirirlər. Xüsusi iqtisadi zonalarda səlahiyyətli orqan bu gün fəaliyyət göstərən icra hakimiyyəti orqanlarından biridir. Göründüyü kimi, idarəetmə strukturu sxemi xüsusi iqtisadi zonaların fəaliyyətinə bürokratik əngəllər yaratmağa imkan vermir. Əlbəttə, reallıq bəzən, Elmira xanımın qeyd etdiyi kimi, başqa situasiya da yaradır, amma biz əminik ki, qanunun tələbləri lazımı səviyyədə icra olunacaqdır.
Elmira xanım daha bir maraqlı məsələyə toxundu. Bu, “Xüsusi iqtisadi zonanın ləğv edilməsi” adlanan 8-ci maddə ilə əlaqədardır. Həmin maddədə müəyyən redaktə xarakterli dəyişikliklər edilmişdir. Layihədə göstərilir ki, xüsusi iqtisadi zonalar aşağıdakı hallarda ləğv edilə bilər: “dövlətin maraqları, təhlükəsizliyi, müdafiə qabiliyyəti ilə bağlı zərurətdən irəli gələn hallarda; xüsusi iqtisadi zonanın yaranması haqqında müvafiq qərar qəbul edildikdən sonra keçən 3 il ərzində sahibkarlıq fəaliyyəti üçün heç bir razılaşma bağlanmadıqda və ya əvvəl bağlanmış razılaşmalar qüvvədən düşdükdə; xüsusi iqtisadi zonanın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmədikdə”. Təbii ki, əgər zona yaradıldıqdan sonra bağlanmış müqavilə şərtinə uyğun olaraq orada heç bir fəaliyyət göstərilmirsə, icra orqanı müqavilə şərtlərinin yerinə yetirilməməsini əsas götürərək zonanı ləğv edə bilər. Elmira xanımın qeyd etdiyi kimi, mübahisəli məsələlər meydana çıxa bilər. Bu da qanun layihəsinin 8.3-cü maddəsində öz əksini tapmışdır: “Xüsusi iqtisadi zonanın ləğv edilməsi ilə bağlı həyata keçirilən tədbirlər müvafiq qanunvericiliklə müəyyən edilir”.
Hörmətli Eldar Quliyevin irad və təklifləri nəzərə alınaraq layihənin “Əsas anlayışlar” adlanan 1-ci maddəsində redaktə xarakterli dəyişikliklər edilmişdir. Digər təkliflərə əsasən “Xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi” adlanan 2-ci maddədə dəqiqləşdirilmələr aparılmışdır.
Qanun layihəsinin “Xüsusi iqtisadi zonanın ərazisində torpaq sahələrinin ayrılması və onlardan istifadə qaydaları” adlanan 15-ci maddəsində isə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir. Əlavəyə əsasən operatora icarəyə götürülmüş torpaq sahələrinin subicarəyə vermək hüququ şamil edilir. 15.3-cü maddənin birinci cümləsində “qısa və uzun” sözləri “tərəflərin razılığı ilə müəyyən edilən” sözləri ilə əvəz olunmuşdur. Hörmətli Eldar müəllimin digər təklifinə əsasən 15.4-cü bənd “Xüsusi iqtisadi zonanın ərazisində torpaq sahələrinin ayrılması və onlardan istifadə” adlanan 15-ci maddənin predmeti olmadığından çıxarılmış və “Xüsusi iqtisadi zonanın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi” adlanan 14-cü maddəyə bir bənd kimi əlavə edilmişdir.
Təbii ki, xüsusi iqtisadi zonaların yaradılması ilə bütün problemlər öz həllini tapmır, amma dünyada davam edən iqtisadi böhran şəraitində daha dinamik və sabit iqtisadi inkişafa nail olmaq üçün istifadə etmək baxımından xüsusilə vacibdir.
Hörmətli Valeh Ələsgərov Xüsusi iqtisadi zonalar haqqında qanunun bu günümüz üçün vacib bir qanun olacağını qeyd etdi, eyni zamanda, bir neçə redaktə xarakterli fikirlər söylədi. Buna görə də ona təşəkkürümüzü bildiririk.
Hörmətli Şəmsəddin müəllimin irad və təklifləri nəzərə alınaraq layihənin “Xüsusi iqtisadi zonada sahibkarlıq fəaliyyəti” adlanan 4-cü maddəsinin 4.2.4-cü bəndi çıxarılmışdır. “Xüsusi iqtisadi zonanın ləğv edilməsi” adlanan 8-ci maddənin 8.2 və 8.2.3-cü bəndləri birləşdirilərək yeni redaksiyada verilmişdir. Bununla da təkrarçılıq aradan qaldırılmışdır. Şəmsəddin müəllimin digər təklifləri də, əsasən, nəzərə alınmışdır. “Xüsusi iqtisadi zonanın yaradılması” adlanan 5-ci maddənin 5.1-ci bəndinə yeni cümlə əlavə edilmişdir. 10.1-ci bənd “Səlahiyyətli orqanın funksiyaları” adlanan 10-cu maddənin predmeti olmadığından bu maddədən çıxarılmış və “Xüsusi iqtisadi zonanın idarə olunması və inkişafı” adlanan 9-cu maddəyə 9.3-cü bənd kimi əlavə edilmişdir.
“Xüsusi iqtisadi zonanın rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi” adlanan 14-cü maddənin adında müvafiq dəyişikliklər edilmişdir. Millət vəkilləri Xanhüseyn Kazımlıya, Ərəstun Cavadova, Fəzail Ağamalıya qanun layihəsini dəstəklədiklərinə və redaktə xarakterli tövsiyələrinə görə də minnətdarlığımızı bildiririk.
Müzakirələr zamanı hörmətli həmkarlarım Çingiz Əsədullayev, Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədovun xüsusi iqtisadi zonanın gömrük, vergi rejimi barədə sorğuları ilə bağlı maraqlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, 18.2-ci bənddə müəyyən edilən xüsusi iqtisadi zonanın ərazisində sahibkarlıq fəaliyyəti göstərən, qeydiyyatdan keçmiş rezidentlərin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdikləri vəsaitin mənfəətindən və satışından kənar gəlirlərindən tutulan 2 faiz vergi çoxdur. Mən məlumat vermək istəyirəm ki, hörmətli cənab Sədr, biz iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevlə, Vergilər Nazirliyinin rəhbərliyi ilə ciddi müzakirələr apardıq. Hörmətli Vahid müəllimin, Əli müəllimin və digər həmkarlarımın qeyd etdikləri 2 faiz vergi dərəcəsi azaldılıb, 0,5 faiz dərəcəsi ilə hesablanacaqdır. Artıq biz bu gün Milli Məclisə məlumat verə bilərik.
İstər Milli Məclisin iclasında, istərsə də komissiyada haqlı olaraq vurğulandı ki, xüsusi iqtisadi zonaların ilk mərhələdə dövlət tərəfindən maliyyələşdirilməsi vacibdir. Dünya təcrübəsi də bunu sübut edir. Ona görə də həmin müddəa öz əksini “Xüsusi iqtisadi zonanın ərazisinin maliyyələşdirilməsi” adlanan 6-cı maddədə tapmışdır. Nəzərdə tutulur ki, ərazinin seçilməsi zamanı zəruri olan infrastrukturun – yol, elektrik enerjisi, qaz, su təminatı, kanalizasiya xətlərinin işçi qüvvəsinin, ərazinin inkişaf perspektivi və digər amillərin mövcudluğu qiymətləndirilməlidir.
“Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti” adlanan 13-cü maddənin 13.1-ci bəndinə yeni cümlə əlavə edilmişdir. Bu əlavəyə əsasən səhmləri və ya payları 100 faiz dövlətə məxsus olan hüquqi şəxslərin xüsusi iqtisadi zonaya rezident kimi buraxılmasının qarşısı alınır. Səlahiyyətli orqanla bağlanmış idarəetmə sazişinə əsasən zəruri infrastrukturun yaradılması, obyektlərin və xidmətlərin təmin olunması üçün işlər görmək operatorun vəzifəsi olduğundan “Operatorun hüquq və vəzifələri” adlanan 12-ci maddənin 12.3.6-cı bəndində verilmişdir. Qanun layihəsinin “Xüsusi iqtisadi zonanın ərazisində dövlət nəzarətinin həyata keçirilməsi qaydası” adlanan 16-cı maddəsinin adı dəyişdirilərək “Xüsusi iqtisadi zonanın fəaliyyətinə dövlət nəzarəti” adlandırılmışdır.
Hörmətli millət vəkilləri, hörmətli həmkarlar! Bir daha vurğulamaq istəyirəm ki, qanun layihəsinin ana xəttini ölkə iqtisadiyyatının davamlı inkişafı, ilk növbədə qeyri-neft sektoruna diqqətin artırılması, qloballaşan dünyada Azərbaycanın rəqabətə davamlı bir ölkə kimi tanınması təşkil edir. Milli Məclisin bir müddət bundan əvvəl qəbul etdiyi “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, “İxrac məqsədli neft-qaz fəaliyyətində xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu gün müzakirəyə çıxarılan qanun layihəsi bir daha göstərir ki, Azərbaycan milli maraqlara və özünü beynəlxalq təcrübədə doğrultmuş, mən bunu xüsusilə vurğulamaq istəyirəm, beynəlxalq təcrübəyə əsaslanan ölkə iqtisadiyyatının strukturunun müasir tələblər baxımından qurulması istiqamətində konkret addımlar atır. Bütün bunlar Azərbaycanın davamlı inkişaf imkanlarını daha da genişləndirir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən tam səmimiyyətlə deyirəm ki, Milli Məclisdə birinci oxunuşda da, ikinci oxunuşda da, sonra komissiyaların iclaslarında da millət vəkilləri tərəfindən çox dəyərli fikirlər səsləndi, konkret təkliflər verildi və bu təkliflərin hamısı bir-bir müvafiq iqtisadi strukturlarla müzakirə olunub. Mən dünən İqtisadi İnkişaf Nazirliyinin rəhbəri ilə görüşdüm. Digər komissiyaların üzvləri vergi və gömrük orqanlarının əlaqədar mütəxəssisləri ilə görüşmüşlər. Həqiqətən, bu qanun layihəsi müasir tələblər, beynəlxalq təcrübə baxımından hazırlanmışdır. Millət vəkillərindən bu qanun layihəsini dəstəkləməyi xahiş edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Əyləşin, zəhmət olmasa. Hörmətli deputatlar, bilirsiniz ki, bu qanun layihəsi üçüncü oxunuşda səsə qoyulur. Amma çıxış üçün yazılanlar var. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Fasilə ləğv olunduğuna görə mən Sizdən xahiş edirəm, mənə 3 dəqiqə vaxt verəsiniz.
Sədrlik edən. Başa düşmədim, bir də de.
P. Hüseyn. Mən fasilədə bəyanat verəcəkdim, fasilə ləğv olundu...
Sədrlik edən. Yox, bəyanat yeri deyil. Xahiş edirəm, qanun layihəsi ilə bağlı...
P. Hüseyn. Ziyafət müəllim, 3 dəqiqə.
Sədrlik edən. Pənah bəy, Siz bayaqdan Daxili Nizamnamədən danışırsınız. Bizə qanun öyrədirsiniz, amma biz qanunu Sizdən pis bilmirik. Xahiş edirik, mahiyyəti üzrə danışırsınızsa, buyurun.
P. Hüseyn. Mən üzr istəyirəm, mən bu məsələdə qanuna istinad etmədim. Mən Sizdən xahiş edirəm.
Sədrlik edən. Yox, mən də deyirəm ki, burada qanun layihəsi üçüncü oxunuşda səsə qoyulur. Xahiş edirəm, qanun layihəsi ilə bağlı sözünüz varsa, buyurun.
P. Hüseyn. Səsə qoyun, digər məsələlərlə bağlı mən söz istəyəcəyəm. Yəni indi qanun layihəsi ilə əlaqədar danışmaq istəmirəm.
Sədrlik edən. Baba Tağıyev, buyurun.
B. Tağıyev. Hörmətli deputatlar, mən konkret olaraq bir neçə fikir demək istəyirəm. Qanun layihəsinin 8.2.2-ci bəndində göstərilir ki, 3 il ərzində sahibkarlıq fəaliyyəti üçün müqavilə bağlanmazsa, sahibkarlıq fəaliyyəti həyata keçirilməzsə, müvafiq icra hakimiyyəti orqanı xüsusi iqtisadi zonanı müddətindən əvvəl ləğv edə bilər. Bu nə deməkdir? Bu o deməkdir ki, sahibkar xüsusi iqtisadi zonanı sərfəli hesab edərək müəyyən fəaliyyətə başlayır. Məsələn, turizm və ya istehsal fəaliyyəti üçün kapital qoyur. Nəzərdə tutur ki, qərara uyğun olaraq, 10 və ya 15 il ərzində özünə iş qura bilər. Bunun üçün də həm Azərbaycan, həm də xarici iş adamlarının informasiyası olmalıdır. Bu informasiya kifayət qədər dəqiq, hərtərəfli olmalıdır ki, iş adamları cəlb edilsinlər. İnsanların xəbəri olmazsa, qiymətli xəzinə belə illər boyu gizli qala bilər. Bu mənada qanun xüsusi iqtisadi zonanın yaradılmasının informasiya təminatını hazırlamalıdır ki, yaradılan zonaya maraq oyana bilsin. Mən təklif edirəm ki, qanun layihəsində xüsusi iqtisadi zonanın yaradılması və həmin zonaya tətbiq edilən xüsusi hüquqi rejimin bütün cəhətlərini əks etdirən informasiyanın yayılması üsulu və şərtləri öz əksini tapsın.
Yaradılan iqtisadi zona oradakı şərtlər barədə bütün cəmiyyətə, iş adamlarına məlumat verilsin. Bu çox mühüm məsələdir. Hamı bilməlidir ki, Azərbaycanın hansı bölgəsində və nə şərtlərlə işləməyə şərait var. Lakin qanun layihəsində yaradılacaq xüsusi iqtisadi zona barədə informasiya təminatı öz əksini tapmayıb. Ona görə təklif edirəm ki, qanun layihəsinə xüsusi iqtisadi zona barədə informasiya təminatına dair ayrıca maddə əlavə olunsun. Dövlət xüsusi iqtisadi zona yaradırsa, bu barədə dəqiq, müfəssəl və hərtərəfli məlumat olmalıdır.
Mən bundan əvvəlki məsələyə münasibətimi bildirmək istəyirəm. Biz MDB iştirakçısı olan dövlətlərin gömrük xidməti rəhbərlərinin şurası barəsində qərar qəbul etdik...
Sədrlik edən. Bir dəqiqə, icazə ver, sözümü deyim. Axı, bundan əvvəlki qanun layihəsi səsə qoyulanda müraciət olundu ki, kimin sözü var? Bu məsələ artıq səsə qoyulub, qərar qəbul olunub. Çox sağ olun, Baba müəllim. Aydın Həsənov, buyurun.
A. Həsənov. Hörmətli Ziyad müəllim hərtərəfli danışdı, xahiş edirəm, layihəni səsə qoyaq.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 14.06 dəq.)

Lehinə 99
Əleyhinə  2
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 101
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Bərdə rayonunun Dilənçilər kəndinin adının dəyişdirilməsi haqqında və Azərbaycan Respublikasının Goranboy rayonunun və Naftalan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanunlarının layihələri barədədir. Hər iki qanun layihəsi barədə Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev məlumat verir. Tahir müəllim, hər iki məsələ barədə məlumat verin, səsverməni ayrıca apararıq. Olar?
T. Rzayev. Olar, olar.
Sədrlik edən. Buyurun, zəhmət olmasa.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Sinirxan kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Dilənçilər kəndinin adının dəyişdirilərək Çəmənli kəndi adlandırılması ilə əlaqədar məsələ ilk növbədə kənd sakinləri tərəfindən qaldırılmış və müzakirə olunmuşdur. Müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları, Bərdə rayonunun İcra hakimiyyəti, eləcə də Milli Məclis yanında Toponimiya komissiyası da bu məsələyə öz müsbət münasibətini bildirmişdir. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, lazım olan bütün sənədlər toplanmış və bu məsələ Regional məsələlər daimi komissiyasının 2009-cu il 10 aprel tarixli iclasında müzakirə olunaraq, müsbət qərar qəbul edilmişdir. Xahiş edirəm, məsələyə münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyənlər var. Nizami Xudiyev, buyurun.
N. Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Doğrudan da, biz bu məsələni Toponimiya komissiyasında çox geniş şəkildə müzakirə etdik. Bu, doğrudan da, tarixi bir addır. Ancaq müasir dövrdə səslənmə etibarilə münasib olmadığına görə bu adın dəyişdirilməsi daha uyğun, “Çəmənli” adının qoyulması daha münasibdir. Ona görə də bunu müzakirə eləməyə ciddi bir ehtiyac duymuram. Mən xahiş edirəm, qanun layihəsi səsə qoyulsun.
Sədrlik edən. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də Bərdə rayonunun həmin kəndinin adının dəyişdirilməsinə tərəfdaram. Azərbaycanda son dövrlərdə ayrı-ayrı bölgələrdə bugünkü yaşamımızla, inkişafımızla uyğun gəlməyən yer adlarının dəyişdirilməsi çox müsbət bir haldır. Mən hörmətli Milli Məclisin diqqətini bir kəndin adına yönəltmək istəyirəm. Hacıqabul rayonunda “Abdulyan” deyilən bir kənd var və magistral yolun kənarında yerləşir. Hər birimiz həmin yoldan keçəndə “Abdulyan” adına rast gəlirik. Mən maraqlandım, deyilənə görə “Abdulyan” erməni soyadı deyil, “yan” sonluğu fars sonluğudur. Amma bu cavab da məni qane etmir. Ona görə ki, biz Azərbaycan dövlətiyik, Azərbaycan dili dövlət dilidir və ona görə də bu kəndin adının nə səbəbdən erməni dilinə uyğun sonluqla bitməsi mənim üçün aydın deyil. Eyni zamanda, “Abdul” adlı şəxsin kim olduğu mənim üçün aydın deyil. Onun Azərbaycan tarixində, mədəniyyətində hansı rolu olub ki, bu gün onun adına kənd var, özü də kəndin adı erməni dilinə uyğun sonluqla bitir. Mən həmin bölgədən deyiləm, bu kəndin adı haqqında qəti bir fikir söyləyə bilmirəm. Amma Regional məsələlər daimi komissiyasından, eyni zamanda, Toponimiya komissiyasından xahiş edirəm, bu kəndin adının saxlanıb, saxlanmaması barədə fikirlərini bildirsinlər. Belə də təklif edilən varianta səs verəcəyəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A. Həsənov. Oqtay müəllim, bu layihəni müzakirəyə qoymağa ehtiyac yoxdur, xahiş edirəm, səsə qoyaq. Bu barədə nə danışacaqlar? Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Mən təklif olunan hər iki qanun layihəsi ilə razıyam, təbii, bunların lehinə səs verəcəyəm. Lakin diqqətinizə çatdırmaq istəyərdim ki, ölkə Prezidenti tərəfindən layihə şəklində təqdim edilmiş olan Naftalanla bağlı məsələ xüsusi əhəmiyyətə malikdir. Diqqətinizə çatdırmaq istəyərdim ki, Naftalan həmişə və hər zaman xüsusi müalicə məkanı kimi məşhur olubdur. Zamanında SSRİ məkanının ən ucqar yerlərindən belə oraya gələrək şəfa tapıblar. Mən düşünürəm ki, bu gün Azərbaycan Respublikasının iqtidarı, ölkə Prezidentinin bu istiqamətdə atmış olduğu addım Naftalan şəhərininin keçmiş şöhrətini özünə qaytaracaqdır. Bu baxımdan Naftalan şəhərin ətrafında olan və vaxtilə Naftalana məxsus olan torpaq sahələrinin Naftalana qaytarılması, düşünürəm, əhəmiyyətlidir.
Yeri gəlmişkən, onu da qeyd etmək istəyərdim ki, son 3 ildə Naftalan şəhərində çox ciddi abadlıq və quruculuq işləri gedir. Hazırda orada 3 özəl sanatoriya insanların xidmətində dayanır. 3 sanatoriyanın tikilməsi də başa çatmaq üzrədir. Orada Həmkarlar İttifaqı Konfederasiyasının balansında da kifayət qədər sanatoriyalar var. Ümidvaram ki, qaçqınlar öz dədə-baba yurdlarına qayıtdıqdan sonra Həmkarlar İttifaqı Konfederasiyasının oradakı sanatoriyaların müasir səviyyədə qurulması üçün addımlar atmaq imkanı olacaqdır. Mən hörmətli həmkarlarıma təklif edirəm ki, qanun layihəsinin hər ikisinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli Sədr, mən hörmətli Aydın müəllimin dediyi məsələyə bir neçə cümlə ilə münasibətimi bildirmək istərdim. Abdulyan kəndi mənim anadan olduğum kəndlə qonşu kənddir, bitişikdir. Xalis azərbaycanlı kəndidir, orada yaşayanlar xalis türk əsillilərdir və kəndin adının “yan” sonluğunun nə erməni, nə də fars mənşəyi ilə əlaqəsi vardır. Kənddən də kifayət qədər tanınmış adamlar çıxıbdır və indi də orada xeyli Azərbaycan türkü yaşayır. Burada hər hansı bir şübhə qalmasın və anlaşılmazlıq olmasın deyə, bunu xatırlatmağı lazım bildim. Təbii ki, kənd özü və yaxud oradakı əlaqədar orqanlar qanuna müvafiq məsələ qaldırarsa, buna baxıla bilər. Amma, məncə, belə bir məsələ hələ ki qaldırılmamışdır. Təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, səkkizinci məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 14.13 dəq.)

Lehinə 96
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi 0 
İştirak edir  96
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti, doqquzuncu məsələyə də münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 14.14 dəq.)

Lehinə 94
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi 0 
İştirak edir  94
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədədir. Musa Quliyev buyursun.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin müzakirəsinə təqdim edilən “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi qanunun təkmilləşdirilməsinə, dərman vasitələrinin dövriyyəsi ilə bağlı münasibətlərin daha da dəqiq tənzimlənməsinə xidmət edir.
Layihədə qanunun dörd maddəsinə 12 dəyişiklik və əlavə təklif olunur. Qanunun 1-ci və 4-cü maddələrinə edilən dəyişikliklər dərman vasitələrinin insanlara neqativ təsirləri olduqda həmin dərman vasitələrinin dövriyyədən çıxarılması ilə bağlıdır. 4-cü maddəyə edilən dəyişikliklər dərman vasitələri qeydiyyatdan keçirilən zaman onun ekspertiza xidmətlərinin tariflərinin müəyyən edilməsi ilə bağlı dəyişikliklərdir.
Qanunun 6-cı maddəsinə təklif olunan dəyişikliklər dərman vasitələrinin qeydiyyatı ilə bağlı dəyişikliklərdir. Əlavə edilən 6.5.5-ci bənd qeydiyyat üçün, 6.5.6-cı bənd isə şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələri gətirilməsinin hüquqi əsaslarını yaradır. Layihədə təklif olunan 6.5.7-ci və 9.6-cı bəndlər Ümumdünya Səhiyyə Təşkilatının istifadəyə tövsiyə etdiyi dərman vasitələrinin ölkəyə qeyri-kommersiya məqsədi ilə qeydiyyatsız gətirilməsi ilə bağlıdır.
Aydınlıq üçün bildirirəm ki, Ümumdünya Səhiyyə Təşkilatının qlobal fondu 4 xəstəlik – AİDS, vərəm, malyariya xəstəliklərinin müalicəsi və reproduktiv sağlamlıq problemlərinin aradan qaldırılması istiqamətində üzv dövlətlərə dəstək proqramları həyata keçirir. Ümumdünya Səhiyyə Təşkilatı bir qayda olaraq təcrübədə özünü doğruldan və keyfiyyətinə təminat verilən dərmanları tövsiyə etdiyindən həmin dərmanlar təkrar olaraq qeydiyyatdan və ekspertizadan keçirilmir.
Qanuna əlavə olunan 6.5.8-ci bənd gündəlik praktikada ortaya çıxan çətinliklərin aradan qaldırılması məqsədi daşıyır. Məlum həqiqətdir ki, hər bir dərmanın qeydiyyatdan keçirilməsi və idxalı müəyyən xərc və kommersiya riskləri tələb edir. Ona görə də dərman idxalçıları az işlənən dərman vasitələrini qeydiyyatdan keçirməkdə və idxal etməkdə maraqlı deyildirlər. Eyni zamanda, nadir rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərə tutulmuş şəxsləri dərman yardımından məhrum etmək də olmaz. Beynəlxalq təcrübədə belə az rast gəlinən xəstəliklər “arfan xəstəliklər” və onların müalicəsində işlənən dərmanlar “arfan dərmanlar” adlanır. Bu dərmanlar, adətən, qeydiyyatdan keçmədən yalnız nümunələri ekspertizadan keçirilərək idxal olunur. Bəzi genetik xəstəliklərin – dağınıq sklerozun, şəkərsiz diabetin, hüceyrə səviyyəsində anamaliyaların, difteriya və sair kimi az rast gəlinən, lakin qorxulu infeksion xəstəliklərin – AİDS-in və xərçəngin bəzi formalarının müalicəsində işlədilən dərman vasitələri məhz bu qəbildən olan dərman vasitələridir.
Layihədə təklif olunan növbəti dəyişiklik qanunun 9.2-ci bəndindəki humanitar məqsədlə gətirilən dərman vasitələrinə qoyulan tələblərlə bağlıdır. Mövcud qanunvericiliyə görə humanitar məqsədlə dərman vasitələrinin gətirilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Hazırda ölkəyə humanitar qaydada həm qeydiyyatdan keçən, həm də qeydiyyatdan keçməyən dərman vasitələri gətirilir. Layihədə təklif olunan əlavənin məğzi ondan ibarətdir ki, qeydiyyatdan keçməyən dərman vasitələrinin humanitar məqsədlə idxalına bundan sonra yalnız həmin dərmanların keyfiyyət sertifikatı təqdim edildiyi halda icazə verilsin.
Layihədə təklif olunan əlavə 9.5-ci bənddə müvafiq icra hakimiyyəti orqanına dərman vasitələrini idxal etmək səlahiyyətinin verilməsi həyati vacib dərmanların, eləcə də nadir rast gəlinən xəstəliklərin müalicəsində işlədilən dərmanların gətirilməsi, dövlət tibb müəssisələrinin fasiləsiz dərman təchizatının həyata keçirilməsi, dövlət təminatında olan imtiyazlı xəstələrin – şəkərli diabet, vərəm, onkoloji, hemediolizdə olan xəstələrin və sair xəstələrin dərman təminatının yaxşılaşdırılması məqsədi daşıyır.
Son olaraq bildirmək istəyirəm ki, təqdim edilən dəyişikliklər və əlavələr üzərində uzun müddət Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşlarının, Səhiyyə Nazirliyinin nümayəndələrinin, əczaçılıq fəaliyyəti ilə məşğul olan mütəxəssislərin iştirak etdikləri işçi qrupu tərəfindən gərgin iş aparılmış, təkliflər hərtərəfli öyrənildikdən sonra müzakirəyə çıxarılmışdır. Diqqətinizə görə minnətdarlığımı bildirirəm, qanun layihəsinə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, hörmətli Sədr. Mən Sizdən əvvəl iclasa sədrlik edən hörmətli Ziyafət müəllimdən xahiş etmişdim, mənə bəyanat üçün 3 dəqiqə vaxt versin. Ziyafət müəllim Daxili Nizamnaməyə istinad edərək bunun qanuna zidd olduğunu bildirdi. Mən Daxili Nizamnamənin 11-ci maddəsinin ikinci abzasını hörmətli Ziyafət müəllimin diqqətinə çatdırıb çıxışımı yekunlaşdırıram. “Müzakirələrdə iştirak edənlər üçün 10 dəqiqəyədək, təkrar çıxışlar üçün 5 dəqiqəyədək, iclasın aparılmasına dair, səsvermə mülahizələri ilə əlaqədar, namizədlər barədə çıxışlar, bəyanatlar, suallar, təkliflər, xəbərlər, arayışlar üçün 3 dəqiqəyədək vaxt ayrılır”. Daxili Nizamnamənin bu müddəasına əsaslanaraq belə bir xahiş etmişdim. Təbii ki, bu, gündəlikdə duran məsələnin müzakirəsi kontekstində başa düşülmürdü, amma çox xahiş edirəm ki, iclasa sədrlik edən Ziyafət müəllim gələcəkdə bunu nəzərə alsın. Təşəkkür edirəm.
Z. Əsgərov. Oqtay müəllim, üzr istəyirəm, bir kəlmə. Pənah bəy, bəli, Daxili Nizamnamənin 11-ci maddəsində söhbət müzakirə olunan qanun layihəsi ilə bağlı verilən bəyanatlardan gedir. Amma Sizin verdiyiniz bəyanatdan yox. Sağ olun.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)

Lehinə  99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. İclasımız sona çatdı.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi