2009-ci il 29 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  116

Milli  Məclisin  iclas  salonu.
29  may  2009-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Seyfəddin Talıbov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.

* * *

R. Həşimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.
M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Ə. Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt bələdiyyəsinin sədri.
İ. Xəlilov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Biləcəri bələdiyyəsinin sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasında bəzi bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (müzakirənin davamı).
3. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın yeni redaksiyada verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın yeni redaksiyada verilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

29  may  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, hörmətli qonaqlar! Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 100
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. İclasın gündəliyində birinci məsələ Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Sözü verirəm Ziyad Səmədzadəyə. Buyurun, Ziyad müəllim.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanmışdır. Hörmətli millət vəkillərinə məlumdur ki, hər bir ölkədə dövlət büdcəsinin icrasının parlamentdə müzakirəsi ölkənin sosial-iqtisadi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Dövlət büdcəsinin icrasına dair hesabat təsdiq edilmiş büdcə proqnozlarının nə dərəcədə reallığa uyğun hazırlandığını, nə dərəcədə inkişafa, sosial tərəqqiyə xidmət etdiyini, bütövlükdə müəyyən edilmiş iqtisadi siyasətin nə dərəcədə həyata keçdiyini əks etdirir. Dövlət büdcəsinin icrasının ətraflı təhlili bir də ona görə vacib sayılır ki, gələcək illər üçün büdcənin hazırlanması prosesi daha da təkmilləşdirilsin, dövlət büdcəsi ilə iqtisadi inkişaf arasında əlaqə daha da möhkəmlənsin, ölkənin tarazlı və keyfiyyətli inkişafında büdcənin rolu artsın.
İqtisadi siyasət komitəsi bu sənədin müzakirəsi zamanı belə bir qərara gəldi ki, Milli Məclisə təqdim edilən 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi yuxarıda sadaladığımız əsas meyarlara cavab verir. Dövlət büdcəsinin hazırlanmasına da, icrasına da həlledici dərəcədə təsir edən başlıca amillərdən biri ölkədə iqtisadi inkişaf üçün yaranmış mühitdir. Azərbaycanda son illərdə formalaşan iqtisadi mühit dövlət büdcəsinin həm hazırlanması, həm də icrası prosesinə müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, dövlət büdcəsinin gəlirləri və xərclərinin dinamikasında, onun strukturunda müsbət meyillər güclənir və icrası bütövlükdə dövlətin inkişafının, ölkənin iqtisadi təhlükəsizliyinin getdikcə daha artıq dərəcədə təmin edilməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışlarında 2008-ci ildə ölkənin makroiqtisadi vəziyyəti barədə kifayət qədər əsaslı məlumatlar öz əksini tapmış, iqtisadi inkişafın prioritet istiqamətləri, onların reallaşmasında dövlət büdcəsinin rolu haqqında ümumiləşdirici fikirlər söylənilmişdir. 2008-ci ildə Azərbaycan dünyada ən islahatçı ölkə kimi tanınmış, hesabat ilinin ikinci yarısından dərinləşən qlobal iqtisadi böhran şəraitində də dinamik inkişafını davam etdirmiş, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nail olmuşdur. 2008-ci ildə ümumi daxili məhsulun həcmi 2007-ci illə müqayisədə 10,8 faiz artaraq 37 milyard manata, onun adambaşına düşən həcmi isə 9,5 faiz artaraq 5403 dollara çatmışdır. Digər makroiqtisadi göstəricilər də əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Heç şübhəsiz ki, qısa zaman kəsiyində belə bir dinamika, həqiqətən, inkişafa, ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasına xidmət edən dövlət siyasətinin məntiqi nəticəsidir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, İqtisadi siyasət komitəsində dövlət büdcəsinin icrası ilə bağlı məsələ müzakirə olunarkən ilk növbədə vurğulandı ki, dövlət büdcəsinin icrası haqqında Milli Məclisə təqdim edilən hesabat öz dolğunluğu, əhatəliliyi və keyfiyyəti ilə fərqlənir. Maliyyə Nazirliyi müvafiq sənədi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlamışdır. Hesablama Palatasının ölkənin ali maliyyə sənədi sayılan dövlət büdcəsinin icrası barədə rəyi kifayət dərəcədə sanballı, professional səviyyədə təqdim edilmişdir.
Təqdim olunan hesabat və Hesablama Palatasının rəyi əyani sübut edir ki, dövlət büdcəsinin istifadəsində şəffaflığın təmin olunması ilə bağlı görülən işlərin səviyyəsi, icrası ildən-ilə yüksəlir. Mən xüsusi olaraq qeyd etmək istərdim ki, hökumət, Maliyyə Nazirliyi, Milli Bank, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Fondu, büdcənin formalaşmasında iştirak edən digər qurumlar dövlət başçısının tapşırıqlarını əsas tutaraq 2008-ci ilin ikinci yarısında daha sürətli maliyyə böhranı şəraitində dünya və ayrı-ayrı ölkələrin iqtisadiyyatında baş verən dəyişikliklərə adekvat reaksiya vermiş, böhranın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər görmüşlər. Bu barədə İqtisadi siyasət komitəsinin iclasında ətraflı fikir mübadiləsi aparıldı.
Milli Məclisdə 2008-ci ilin dövlət büdcəsi təsdiq edilərkən bir barel neftin qiyməti 70 dollar müəyyən edilmişdi. İlin birinci yarısında dünya bazarında neftin qiymətinin sürətlə artması baş verdi. Hesabat ilinin ikinci yarısından isə neftin qiyməti sürətlə aşağı düşdü. Bununla belə, 2008-ci ildə neftin orta illik qiyməti 97,6 dollar oldu. Təbii ki, belə bir dinamika ölkənin valyuta ehtiyatlarına, ticarət dövriyyəsinə müsbət təsir etdi. Paralel olaraq qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dövlət dəstəyinin, əhalinin pul gəlirlərinin artması alıcılıq qabiliyyətinə öz təsirini göstərdi. Eyni zamanda, belə bir dinamika şəraitində istehlak mallarının qiymətlərinə xaricdən ixrac olunan inflyasiya təzyiqlərinin artması meylləri müşahidə olundu. Lakin belə bir şəraitdə hökumətin, Milli Bankın həyata keçirdiyi tədbirlər nəticəsində əhalinin pul gəlirləri istehlak mallarının qiymətlərinə nisbətən daha çox artdı. Bütövlükdə ölkənin dinamik inkişafı təmin olundu ki, bu da dövlət büdcəsinin icrasına həlledici təsir etdi.
Müzakirələr zamanı konkret faktlarla təsdiq olundu ki, Milli Məclis tərəfindən qəbul edilmiş 2008-ci il dövlət büdcəsinin əsas parametrlərinə dair proqnozlar artıqlaması ilə yerinə yetirilmişdir. Belə bir dinamika dövlət büdcəsinin hazırlanması, icrası prosesinə sistemli yanaşmanın mühüm nəticələrindən biri hesab edilməlidir.
Dövlət büdcəsinin ölkənin iqtisadi və sosial həyatında rolunu əks etdirən əsas göstəricilərdən biri onun ümumi daxili məhsulda xüsusi çəkisidir. Razılıq hissi ilə qeyd edilməlidir ki, son illərdə hökumət bu məsələni Maliyyə Nazirliyi və digər iqtisadi qurumlarla birlikdə diqqət mərkəzində saxlayır. Məhz belə yanaşmanın nəticəsidir ki, 2008-ci ilin dövlət büdcəsi ümumi daxili məhsulun 28,3 faizini təşkil etmişdir. Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl bu rəqəmin 13, 15, 16 faiz olması narahatlıq doğururdu.
Daha bir maraqlı faktoru sizin diqqətinizə çatdırmaq istərdik. Hesabat ilində dövlət büdcəsində gəlir və xərclər üzrə artımın həcmi ümumi daxili məhsulun artımını 17,5 faiz üstələmişdir ki, bu da müsbət hal kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, bu meyil büdcənin ümumi daxili məhsulda çəkisi inkişaf etmiş ölkələrdəki səviyyəyə çatanadək bir neçə il davam edəcək.
Dövlət büdcəsinin gəlirlərinin icrasının təhlilində başlıca istiqamətlərdən biri büdcə gəlirləri və xərclərinin kompleks təhlilidir. Son illərdə aparılan iqtisadi islahatlar, düşünülmüş iqtisadi siyasət ölkənin maliyyə imkanlarını xeyli genişləndirmiş, büdcə gəlirləri üzrə proqnozların müntəzəm olaraq yerinə yetirilməsinə əlverişli şərait yaratmışdır. Bu barədə, yəqin ki, hörmətli maliyyə naziri Samir Şərifov sizə ətraflı məlumat verəcək. Ona görə də İqtisadi siyasət komitəsində büdcənin icrasının müzakirəsi zamanı səslənən bir sıra prinsipial məsələləri qeyd etmək istərdik.
Son illər, xüsusilə 2008-ci ildə büdcə daxilolmalarının strukturu bir sıra spesifik xüsusiyyətlərlə xarakterizə olunur ki, bu da Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, keçid mərhələsində reallaşan iqtisadi siyasətlə bilavasitə bağlıdır. 2008-ci il dövlət büdcəsinin gəlirləri 2007-ci illə müqayisədə 4,7 milyard manat çox olmuşdur. Büdcə daxilolmalarının 52,9 faizi Vergilər Nazirliyi, 10,3 faizi Dövlət Gömrük Komitəsi, 35,3 faizi Dövlət Fondunun payına düşür. Obyektiv olaraq belə bir struktur MDB ölkələrinin büdcə daxilolmalarından fərqlənir. Büdcə gəlirlərinin strukturunda Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların xüsusi çəkisi müəyyən dərəcədə azalmışdır ki, bu da obyektiv səbəblərlə, neft strategiyasının reallaşması nəticəsində Neft Fondunda toplanmış vəsaitlərin əvvəlki illərə nisbətən daha çox hissəsinin büdcəyə transfer edilməsi ilə əlaqədardır. Büdcə daxilolmalarında Vergilər Nazirliyinin mütləq mənada payı isə həyata keçirilən tədbirlər nəticəsində ildən-ilə artır. 2007-ci illə müqayisədə bu artım 1,2 milyard manat çox təşkil etmişdir. İndiki şəraitdə büdcə daxilolmalarında Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xüsusi çəkisinin azalması obyektiv bir prosesdir və bunu müəyyən dövrdə müsbət hal kimi də qiymətləndirmək olar.
Büdcənin icrası ilə əlaqədar olaraq bir müsbət meyili də qeyd etmək istərdim. Söhbət Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarının mülkiyyət növləri üzrə bölüşdürülməsindən gedir. Dövlət büdcəsinə daxil olan gəlirlərin strukturunda mülkiyyət növləri üzrə baş verən dəyişikliklər də, bizim fikrimizcə, müsbət qiymətləndirilə bilər. Belə ki, ümumi daxilolmanın strukturunda xarici mülkiyyətdə olan vergi ödəyicilərinin xüsusi çəkisi 4,5 faiz azalmış, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payı isə artmışdır. İqtisadi siyasət komitəsi hesab edir ki, gələcəkdə bu meyilin gücləndirilməsi imkanları daha da genişləndirilə bilər. Bu baxımdan müzakirələr zamanı millət vəkilləri Çingiz Əsədullayev, Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədov, Xanhüseyn Kazımlı sahibkarlığın və regionların inkişafına diqqətin daha da artırılması imkanlarından səmərəli istifadə olunması barədə fikirlərini söylədilər.
İqtisadi siyasət komitəsində millət vəkilləri tərəfindən büdcənin icrası müzakirə edilərkən bir məsələyə də diqqətin artırılması vacib sayıldı. 2008-ci ilin büdcəsinin icrası göstərir ki, yerli gəlirlərin artım sürəti mərkəzləşdirilmiş gəlirlərin artımından xeyli yüksəkdir. Təbii ki, bu mütərəqqi meyilin güclənməsi üçün imkanlar daha çoxdur. Hələlik yerli büdcə gəlirləri, ümumən, büdcə gəlirlərinin 3,5 faizini təşkil edir. Əlbəttə, bu məsələdə müəyyən incəlikləri, xüsusiyyətləri nəzərə almaq lazımdır. Hesablama Palatasının apardığı araşdırmalar da onu göstərir ki, yerli gəlirlərin formalaşmasında vergi ödəyicilərinin müəyyənləşdirilməsi meyarlarına yenidən baxılması məqsədəuyğun olardı. Bu, cənab Prezident tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın məqsəd və vəzifələri baxımından da çox vacibdir.
Qeyd etmək lazımdır ki, ötən illərdə olduğu kimi, hesabat dövründə də kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət təsirini göstərmişdir. Müvafiq institusional işlərin görülməsi, sahibkarlıq fəaliyyəti subyektlərinin bir pəncərə prinsipi üzrə vahid dövlət qeydiyyatının aparılması, real sektorun müxtəlif sahələrinin güzəştli əsaslarla kreditləşmə prosesinə dövlətin dəstəyi, vergi intizamının möhkəmlənməsi ilə bağlı görülən tədbirlər vergitutma bazasının genişləndirilməsini təmin etmişdir.
Hesabat ilində dövlət büdcəsinin vergi gəlirləri proqnozunun artıqlaması ilə yerinə yetirilməsinə Milli Məclis tərəfindən qəbul olunmuş müvafiq normativ aktlarla vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər də öz müsbət təsirini göstərmişdir. Vergi Məcəlləsinə əlavə dəyər vergisi üzrə edilmiş müvafiq əlavə və dəyişikliklərə uyğun olaraq, vergi ödəyicisinə verilmiş hesab fakturası üzrə alınmış malların dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotunun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlarda ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydalarının qüvvəyə minməsi əhəmiyyətli rol oynamışdır. Göstərilən qaydaların tətbiqi nəticəsində Vergilər Nazirliyinin xətti ilə təmin edilmiş büdcə daxilolmalarında ƏDV-nin xüsusi çəkisi 19,9 faiz təşkil etmişdir ki, bu da 2007-ci illə müqayisədə 5,6 faiz yüksəkdir.
Vergilər Nazirliyinin xətti ilə təmin edilmiş büdcə daxilolmalarında fiziki şəxslərdən gəlir vergisinin xüsusi çəkisi 2007-ci illə müqayisədə 2,1 faiz azalmışdır. Millət vəkilləri bu məsələni xüsusi olaraq vurğuladılar və belə hesab etdilər ki, fiziki şəxslərdən gəlir vergisi üzrə proqnozun kəsirlə yerinə yetirilməsi bir sıra obyektiv səbəblərlə bağlı olsa da, nəzərə almaq lazımdır ki, əmək müqavilələrinin bağlanmasında problemlər hələ də qalmaqdadır. İqtisadi siyasət komitəsində dövlət büdcəsinin icrası ilə bağlı hesabatın müzakirəsi zamanı millət vəkilləri bildirdilər ki, respublikada yaradılan yeni iş yerlərinin sayının, orta əmək haqqının artması bu məsələyə öz müsbət təsirini daha artıq dərəcədə göstərə bilərdi.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bir sıra icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, elm, təhsil, səhiyyə müəssisələrinə ilkin proqnoz məbləğlərinin müvafiq həcmdə ayrılmasına baxmayaraq, icra səviyyələri hətta ilkin proqnozlardan da az olmuşdur. Bu da onun nəticəsidir ki, bəzi təşkilatlar hazırlıq prosesində hökumətə, Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə şişirdilmiş təkliflər verirlər. Bununla əlaqədar olaraq cənab Prezidentin konkret tapşırıqları vardır.
2008-ci il üzrə büdcə proqnozlarının yerinə yetirilməsi nəticəsində adambaşına düşən büdcə xərcləri 1241 manat təşkil etmişdir ki, bu da 2007-ci ilin səviyyəsindən 1,8 dəfə çoxdur. Müqayisəli təhlil göstərir ki, 2008-ci il üzrə dövlət büdcəsi xərclərinin proqnozlaşdırılan strukturuna da, əsasən, əməl olunmuşdur. Bununla yanaşı, İqtisadi siyasət komitəsində müzakirə zamanı millət vəkilləri Maliyyə Nazirliyinin, eləcə də Hesablama Palatasının təqdim etdiyi məlumatlara əsaslanaraq qeyd etdilər ki, bəzi xərc maddələri üzrə proqnozların yerinə yetirilməsinin səbəbləri daha da açıqlanmalıdır.
2008-ci il büdcəsinin icrasının təhlili göstərir ki, ölkədə sosial təyinatlı xərclər ildən-ilə artır. 2007-ci illə müqayisədə bu artım 44 faiz və ya 903 milyon manat təşkil etmişdir. Xüsusi çəkisi azalsa da, obyektiv səbəblərə görə belə bir artım, heç şübhəsiz, müsbət qiymətləndirilməlidir. Əmək haqqı və sosial müavinətlərin artım sürəti qiymətlərin artım indeksindən 2,2 dəfə çox olmuşdur. Cari xərclər üzrə proqnozlar 96,1 faiz yerinə yetirilmişdir ki, bu da, əsasən, əməyin ödənişi ilə bağlıdır. Belə bir vəziyyətə səbəb əvvəlki illərdə olduğu kimi, hələ də nəzərdə tutulmuş ştat vahidlərinin tam komplektləşdirilməməsidir. Sizə təqdim olunan materiallarda bu barədə konkret faktlar verilmişdir.
2008-ci ildə büdcənin icrasının təhlilindən çıxarılan nəticələrdən biri budur ki, sosial təminat xərclərinin ümumi daxili məhsulda və dövlət büdcəsində xüsusi çəkisi artmağa meyl edir. 2006-cı ildə bu rəqəm 1,8 faiz, 2007-ci ildə 2,1, 2008-ci ildə isə 2,2 faiz olmuşdur. Belə bir dinamika ölkədə aparılan sosial-iqtisadi siyasətin məntiqi nəticəsidir. Bizim fikrimizcə, bu meyl gələcəkdə də davam edəcəkdir.
Son illər ölkənin maliyyə imkanlarının artması elmin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsini təmin etmişdir. 2008-ci il büdcəsində millət vəkillərinin də təklifləri nəzərə alınmaqla elm sahəsində 66,10 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2007-ci il göstəricisinə nisbətən 18,2 milyon manat çox olmuşdur. Lakin bununla bərabər, müəyyən səbəblərə görə, – mən deməzdim, obyektiv səbəblərə görə, – elmə ayrılan xərclərdən istifadə məsələsində problemlər qalmaqdadır. Bizim fikrimizcə, Azərbaycan Milli Elmlər Akademiyası, təhsil müəssisələri, nəzdində elmi tədqiqat müəssisələri olan müvafiq nazirliklər və digər dövlət strukturları Milli Məclis tərəfindən təsdiq edilmiş büdcə vəsaitindən səmərəli istifadə etməli, məqsədli proqramların hazırlanmasına olan münasibəti yaxşılaşdırmalıdırlar. Artıq iki ildir ki, Maliyyə Nazirliyinin təklifi ilə büdcədə Elmin İnkişaf Fondu vasitəsilə 5 milyon manatlıq işlər görmək üçün vəsait nəzərdə tutulub. Amma onun həlli üçün zəruri mexanizmlərin elmi idarələr tərəfindən verilməsi hələ də təmin edilməmişdir.
2008-ci ildə təhsil və səhiyyə sahəsinə diqqət daha da artırılmış, onun maddi-texniki bazası xeyli dərəcədə möhkəmlənmiş, təhsil-səhiyyə sahəsində dövlət proqramları və tədbirləri üzrə nəzərdə tutulmuş icranın həyata keçirilməsində konkret nailiyyətlər əldə edilmişdir. Bu barədə sizə təqdim edilmiş materiallarda kifayət qədər məlumatlar, faktlar verilmişdir. İqtisadi siyasət komitəsi Hesablama Palatasının bu fikri ilə razıdır ki, gələcəkdə dövlət büdcəsinin tərtibində olduğu kimi, icrası üzrə hesabatda da proqramların icrasının ayrıca sətirdə göstərilməsi faydalı olardı.
2008-ci ilin yekunlarına görə Dövlət Neft Fondunun fəaliyyəti müsbət qiymətləndirilməlidir. Azərbaycanın neft strategiyası uzun illər ölkəmizin dinamik inkişafına, onun iqtisadi qüdrətinin artmasına xidmət edəcək. İndiki dünyada böhranın tüğyan etdiyi bir dövrdə ulu öndər Heydər Əliyevin uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vacibliyi bir daha təsdiqlənir.
İqtisadi siyasət komitəsində dövlət borcu, ehtiyat fondu, büdcə kəsiri barədə edilən təkliflərlə hökumətin mövqeyi üst-üstə düşür. Amma borclanma prosesinə, gələcəkdə real sektorun diversifikasiyası məsələsinə, səmərəli layihələrə diqqətin artırılması xüsusi vurğulandı. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, alınmış kreditlərin yüksək texnologiyalı, innovasiyalı sahələrə yönəldilməsi prioritetlərdən biri olmalıdır. Biz hesab edirik ki, dövlətin sahibkarlığa kömək imkanlarının genişlənməsi adekvat nəticələrlə müşayiət olunmalıdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, 2008-ci il dövlət büdcəsinin icrasının təhlilindən doğan nəticələri aşağıdakı kimi qiymətləndirmək olar. Azərbaycan yaxın və uzaq gələcəyə hədəflənmiş və elmi cəhətdən əsaslandırılmış inkişaf strategiyasına malikdir. Prezident İlham Əliyevin başçılıq etdiyi hökumət qloballaşan dünya iqtisadiyyatında baş verən prosesləri, onların Azərbaycana təsirini obyektiv qiymətləndirmiş, görülmüş qabaqlayıcı tədbirlər, ilk növbədə təkmil büdcə, pul-kredit siyasəti nəticəsində 2008-ci ildə həmin təsirlərin qarşısını almaq imkanları xeyli genişlənmişdir. Maliyyə, bank, vergi, gömrük sistemi səmərəli fəaliyyət göstərmiş və 2008-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsini təmin etmişdir.
Hesabat ilində büdcə vəsaitlərinin sosial layihələrin həyata keçirilməsi üçün səfərbər edilməsi və onlara nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətində Maliyyə Nazirliyi digər qurumlarla birlikdə konkret tədbirlər görmüşdür. 2008-ci il büdcəsinin icrasının yekunları strateji proqramların həyata keçirilməsində, regionların sosial-iqtisadi inkişafında dövlət büdcəsinin rolunun artmasını əks etdirir.
Milli Məclisin qəbul etdiyi “Büdcə sistemi haqqında” Qanuna əlavə və dəyişikliklər, “Əmanətlərin sığortalanması haqqında”, “Borclanma haqqında”, “Bankların, sığorta və təkrar sığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında”, “Sığorta haqqında” qanunların qəbulu və qüvvəyə minməsi ölkənin maliyyə sisteminin, sığorta sektorunun yeni keyfiyyət mərhələsinə daxil olması üçün sağlam zəmin yaratmış və dövlət büdcəsinin icrasına müsbət təsir göstərmişdir.
Hesabat ilində beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda milli maraqların qorunması mexanizmləri daha da təkmilləşdirilmiş və nəticədə 2008-ci ildə dövlət borcu ümumi daxili məhsulun cəmi 6,4 faizini təşkil etmişdir. Eyni zamanda, İqtisadi siyasət komitəsi borclanma məsələsində özəl sektorun risklərdən sığortalanması məsələsinə xüsusi diqqət yetirilməsini vacib hesab edir.
İqtisadi siyasət komitəsi hesab edir ki, 2008-ci il dövlət büdcəsinin icrası Azərbaycanın dayanıqlı, sabit inkişafı üçün, iqtisadi inkişafla sosial inkişaf arasında tarazlığın təmin edilməsi üçün əlverişli zəmin yaratmışdır. Ümumiyyətlə, 2008-ci ilin dövlət büdcəsinin icrası haqqında hesabat “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq hazırlandığı və dolğun olduğu üçün mən İqtisadi siyasət komitəsinin adından millət vəkillərini bu sənədin qəbuluna səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. İndi sözü hörmətli maliyyə naziri Samir Şərifova verək, ardıyca Hesablama Palatasının sədri Heydər Əsədov çıxış edər, ondan sonra müzakirəyə başlayarıq. Samir müəllim, buyurun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Ulu öndərimiz Heydər Əliyevin dövlətçilik strategiyasının uğurlu davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son beş ildə ölkəmiz sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan dövləti üçün ən taleyüklü sayılan bir çox sosial-iqtisadi məsələlərin həllinə nail olunmuşdur. 2008-ci il 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən təməli qoyulmuş yeni siyasi-iqtisadi dövrün ilkin beşillik mərhələsini yekunlaşdırmaqla, dövlətin müdafiə, iqtisadi, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm bir mərhələni səciyyələndirmişdir.
2008-ci ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, xüsusilə onun aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, möhtəşəm sosial və infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Dövlət proqramlarında nəzərdə tutulan layihələr və tədbirlər, ələlxüsus 2004-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası 2008-ci ildə uğurla başa çatmışdır. Proqramın icrası nəticəsində ölkə iqtisadiyyatı daha da şaxələnmiş, bütün bölgələrdə yeni infrastruktur layihələri həyata keçirilmiş, yeni iş yerləri açılmış, yeni müəssisələr fəaliyyətə başlamış, bir sözlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatımız hərtərəfli inkişaf etmişdir. Bunun nəticəsidir ki, ölkə 2008-ci ildə daha da güclənmişdir.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən diqqətinizə təqdim olunan Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və bununla bağlı hazırlanmış 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat gəlirlərin toplanması və xərclərin icrası vəziyyəti ilə bağlı göstəriciləri və ehtiyat fondlarından istifadə, dövlət borcları barədə məlumatları özündə əks etdirir.
Qeyd olunmalıdır ki, 2008-ci il dövlət və icmal büdcələrinin icrası dəyişkən xarici-iqtisadi konyunktura şəraitində həyata keçirilmişdir. 2008-ci ildə dünya bazarlarında enerji, xammal ehtiyatlarının, ərzaq və digər zəruri malların və xidmətlərin qiymətlərinin olduqca dəyişkən olması, ilin birinci yarısında ölkənin əsas ixrac potensialına təsir edən xam neft və neft məhsullarının qiymətinin dünya bazarlarında sürətlə artması, ilin ikinci yarısında isə Amerika Birləşmiş Ştatlarının maliyyə-iqtisadi qurumlarında bir müddət yaşanan problemlər qlobal maliyyə böhranına səbəb olmuşdur. İlin ikinci yarısında maliyyə böhranının qlobal istehlaka göstərdiyi mənfi təsir nəticəsində xammal qiymətləri öz pik nöqtəsindən sürətlə enərək, dünya iqtisadiyyatında xeyli qeyri-tarazlıqlar yaratmışdır. Son yüz il ərzində yayımına görə ən genişmiqyaslı, təsirinə görə ən güclü hesab olunan bu maliyyə-iqtisadi böhran bütün dünya iqtisadiyyatını sarsıtmışdır.
Dünyada iri bankların müflisləşməsinə, aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə, ayrı-ayrı sənaye sahələrinin tənəzzülünə, iş yerlərinin ixtisarına gətirib çıxarmış qlobal maliyyə-iqtisadi böhran şəraitində Azərbaycanda aparılan tarazlaşdırılmış iqtisadi siyasət 2008-ci ildə Azərbaycanın böhranın birbaşa təsirindən kənarda qalmasına, dövlət və icmal büdcələrinin sabit icrasına imkan vermişdir. Heydər Əliyev neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində əldə edilən gəlirlər hesabına dövlətin etibarlı iqtisadi təhlükəsizliyi təmin edilmişdir. Təsadüfi deyil ki, həm beynəlxalq maliyyə təşkilatları, həm də tanınmış reytinq agentlikləri və beynəlxalq ekspertlər Azərbaycan iqtisadiyyatının dünya maliyyə iqtisadi böhranına dayanıqlılığını birmənalı ifadə etmişlər. 2008-ci ilin nəticəsinə uyğun olaraq MDB ölkələrinin statistika komitələrinin nəşr etdiyi məlumatlara əsasən məhz Azərbaycan MDB dövlətləri arasında böhrandan ən az təsir görən ölkə kimi göstərilmişdir. Fitch Ratings Agentliyi isə Azərbaycan Respublikasına 2007-ci ildə verilmiş 2+ reytinqinin 2008-ci ildə də qorunub saxlanıldığını, Avropanın 21 aparıcı ölkəsindən yalnız Azərbaycanda iqtisadi artım olacağını qeyd etmişdir.
İqtisadi böhran şəraitində belə sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsi ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlığa dəstəyin artırılmasına, geniş quruculuq işlərinin aparılmasına imkan vermişdir. Bu amillər 2008-ci ilin iqtisadi göstəricilərində də öz əksini tapmışdır. 2008-ci ildə ümumi daxili məhsul 2007-ci illə müqayisədə 10,8 faiz, onun adambaşına düşən həcmi isə 9,5 faiz artmışdır. İqtisadiyyatın və sosial sahələrin inkişafında əsas kapitala bütün maliyyə mənbələri hesabına 9 milyard 81 milyon manat və əvvəlki ildəkindən 34,3 faiz çox investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 75,5 faizini daxili investisiyalar təşkil etmişdir ki, bu da 2007-ci illə müqayisədə 67 faiz çoxdur.
Keçən il əhalinin rifahını səciyyələndirən göstəricilərdə də artım dinamikası müşahidə edilmişdir. Artan gəlirlərin hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss olunması Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsini təşkil etmişdir. Belə ki, 2007-ci illə müqayisədə 2008-ci ildə əhalinin nominal pul gəlirləri 37,8 faiz artaraq inflyasiyanı 17 faiz üstələmişdir. Ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 268 manat təşkil etməklə, 2007-ci ilə nisbətən 24,2 faiz artmışdır. Əhalinin sayının 5,6 faiz artması şəraitində 2008-ci ilin sonuna yoxsulluğun səviyyəsi 2003-cü ilə nisbətən üç dəfədən çox azalmışdır.
Aşkar edilmiş ehtiyat mənbələri hesabına 2008-ci il dövlət büdcəsində dəqiqləşdirmə aparılmaqla gəlirlər 3 milyard 92 milyon manat, xərclər isə 2 milyard 542 milyon manat artırılmışdır. Xərclərin artımı, əsasən, əhalinin aztəminatlı təbəqəsinin maddi təminatının yaxşılaşdırılmasına, o cümlədən əmək haqlarının, pensiya və müavinətlərin, tələbələrin təqaüdlərinin, məcburi köçkünlərin yemək xərclərinin artımına, ölkənin müdafiə və təhlükəsizliyinin gücləndirilməsinə, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, kənd təsərrüfatına dotasiyaların artırılmasına, ayrı-ayrı sahələr üzrə onun maddi-texniki təminatının yaxşılaşdırılmasına, infrastrukturların tikintisinə və yenidən qurulmasına yönəldilmişdir.
Hesabat ilində iqtisadiyyatda müşahidə olunan dinamik artım özünü dövlət və icmal büdcələrinin göstəricilərində də aydın şəkildə büruzə vermişdir. 2008-ci ildə icmal büdcənin gəlirləri 19 milyard 520 milyon manat, xərcləri isə 12 milyard 464 milyon manat icra edilmişdir ki, bu da 2007-ci illə müqayisədə gəlirlər üzrə 2,4 dəfə və ya 11,5 milyard manat, xərclər üzrə 97,6 faiz və ya 5,1 milyard manat çoxdur. İcmal büdcədə 7 milyard 56 milyon manat profisit, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə 4 milyard 809 milyon manat kəsir qeydə alınmışdır. Bu, 2008-ci ildə istehsal olunmuş ümumi daxili məhsulun 12,7 faizini təşkil etmiş, nəzərdə tutulmuş proqnoza nisbətən isə 0,6 faiz az olmuşdur.
2008-ci ildə dövlət büdcəsinin mədaxili təsdiq olunmuş 10 milyard 484 milyon manat proqnoza qarşı 10 milyard 763 milyon manat və ya 102,7 faiz icra olunmuşdur ki, bu da 2007-ci ilə nisbətən 4,8 milyon manat və ya 79,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorundan daxilolmalar 2007-ci illə müqayisədə 1 milyard 39 milyon manat və ya 42,8 faiz çox olmuş, onun ümumi daxili məhsulda xüsusi çəkisi 0,4 faiz artaraq 19,9 faiz təşkil etmişdir. Ümumi daxili məhsulda dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi isə 28,3 faizə çatmaqla, 2007-ci ilə nisbətən 7,1 faiz artmışdır.
Vergilər Nazirliyi proqnoza 105,9 faiz əməl etmiş, büdcəyə nəzərdə tutulduğundan 315 milyon manat, 2007-ci illə müqayisədə 26,3 faiz və yaxud 1,2 milyard manat çox vəsait toplamışdır. Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz və ya 2007-ci illə müqayisədə 338 milyon manat çox əməl edərək, büdcəyə 1 milyard 110 milyon manat vəsaitin daxil olmasını təmin etmişdir. Dövlət Neft Fondu tərəfindən büdcəyə 3 milyard 800 milyon manat vəsait yönəldilməklə proqnoza tam əməl olunmuşdur.
2008-ci ildə dövlət büdcəsinin xərcləri 11 milyard 61 milyon manat əvəzinə 10 milyard 774 milyon manat və ya 97,4 faiz icra olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə 4 milyard 688 milyon manat və ya 77 faiz çoxdur. 2007-ci illə müqayisədə xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 6,9 faiz artaraq 28,3 faiz təşkil etmişdir. 2008-ci ildə 5 milyard 521 milyon manat və ya dövlət büdcəsi xərclərinin 51,2 faizi cari xərclərə yönəldilmişdir ki, bu da 2007-ci illə müqayisədə 2 milyard 386 milyon manat və ya 76,1 faiz çoxdur. Əsaslı xərclər dövlət büdcəsi xərclərinin 48 faizini və yaxud 5 milyard 170 milyon manatını təşkil etmişdir ki, bu da 2007-ci ilə nisbətən 2 milyard 250 milyon manat və yaxud 77 faiz çoxdur. Dövlət borclarına xidmətlə bağlı xərclər ümumi xərclərin 0,8 faizi həcmində olmuşdur.
Funksional təsnifata müvafiq olaraq 2007-ci ilə nisbətən hesabat ilində sənaye və tikinti xərclərinə 2,2 dəfə, mənzil və kommunal təsərrüfatı xərclərinə 69,5 faiz, müdafiə xərclərinə 62,8 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 47,1 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 42,7 faiz, təhsil xərclərinə 35,5 faiz, səhiyyə xərclərinə 34,6 faiz, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması xərclərinə 23,8 faiz, nəqliyyat və rabitə xərclərinə 23,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə 13,9 faiz çox vəsait yönəldilmişdir. 2008-ci ildə qanunvericiliklə müdafiəsi təmin edilən sosial yönümlü xərclərin icrası daim diqqətdə olmuş, dövlət büdcəsi xərclərinin 27,5 faizi və ya 2 milyard 958 milyon manatı həmin xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2007-ci illə müqayisədə 44 faiz və ya 903 milyon manat çoxdur.
2008-ci ildə əhalinin rifahının yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının, pensiya və müavinətlərin artırılması üçün ölkə Prezidenti tərəfindən bir sıra sərəncamlar imzalanmışdır. İmzalanmış sərəncamlarla elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əmək haqları orta hesabla 50 faiz, Milli Elmlər Akademiyasının tabeliyində olan elmi tədqiqat müəssisələrində çalışanların əmək haqları 50 faiz, ali təhsil müəssisələrində çalışanların əmək haqları iş stajından və tələbələrin sayından asılı olaraq 50 faizdən iki dəfəyə qədər, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 40 faiz, hərbi qulluqçuların əmək haqları orta hesabla 80 faiz, müddətli hərbi qulluqçuların əmək haqları iki dəfə artırılmış, minimum aylıq əmək haqqının əmək pensiyalarının baza hissəsinin məbləğləri 50 faiz artırılaraq 75 manata çatdırılmışdır. Bütövlükdə qeyd olunan artımların tətbiqi üçün icmal büdcədən 662 milyon manat vəsait sərf edilmişdir.
2008-ci il məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində məcburi köçkünlərin yeni, hər cür sosial infrastruktura malik qəsəbələrə köçürülməsi üçün 145 milyon manat vəsait sərf olunmuş, onlara verilən aylıq müavinətin məbləği 50 faiz artırılmışdır.
Hesabat ilində aqrar sektora dövlət qayğısı olaraq, fermer təsərrüfatlarına güzəştli şərtlərlə kreditlərin verilməsi, lizinq xidmətlərinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi üçün büdcədən Sahibkarlığa Kömək Milli Fonduna 80 milyon manat, Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinə 40 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 milyon manat vəsaitin ayrılması təmin edilmişdir. Bundan əlavə, cins damazlıq mal-qaraya və mineral gübrələrə olan tələbatın yaxşılaşdırılmasına, mineral gübrələrin və texnikanın saxlanması üçün xüsusi anbarların tikintisinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 25 milyon manat vəsait ayrılmış, ərzaq təhlükəsizliyi tədbirlərinin görülməsinə 50 milyon manat vəsait yönəldilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi tədbirlərinin davamı olaraq, fiziki və hüquqi şəxslərə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral gübrələrin güzəştlə satılmasına, səpilən hər hektar sahəyə görə buğda və çəltik istehsalçılarına yardımın verilməsi təmin edilmiş, bu məqsədə 76,5 milyon manat vəsait sərf olunmuşdur.
2008-ci ildə icmal büdcə xərclərindən dövlət investisiya qoyuluşu xərclərinə 5 milyard 319 milyon manat, o cümlədən dövlət büdcəsindən 4 milyard 276 milyon manat və yaxud 2007-ci illə müqayisədə 2,2 dəfə çox, Dövlət Neft Fondundan 483 milyon manat, dövlət zəmanəti ilə alınmış xarici kreditlər hesabına isə 560 milyon manat vəsait ayrılmışdır. Ötən ildə dövlət investisiya xərclərindən təhsil obyektlərinin tikintisi və yenidən qurulmasına 214 milyon manat, səhiyyə obyektlərinin tikintisi və yenidən qurulmasına 4,204 milyon manat, mədəniyyət və turizm obyektlərinin tikintisi və yenidən qurulmasına, o cümlədən mədəni-tarixi irsimizin qorunub saxlanılmasına, tarixi dini abidələrin bərpası və yenidən qurulmasına 171 milyon manat, idman obyektlərinin tikintisi və yenidən qurulmasına 105 milyon manat vəsait xərclənmişdir.
2008-ci ildə nəqliyyat infrastrukturuna ayrılmış 1 milyard 582 milyon manat vəsait hesabına ölkə ərazisində respublika əhəmiyyətli avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin, regionlarda çaylar üzərində körpülərin, yeni və mövcud metro stansiyalarının tikintisi və yenidən qurulması, habelə yeni gəmi-bərələrin və tankerlərin, dəmir yolu və metro vaqonlarının və ixtisaslaşdırılmış avadanlıqların alışı həyata keçirilmiş, Lənkəran və Zaqatala şəhərlərində beynəlxalq statusa malik hava limanları istismara verilmişdir.
Ölkəmizin enerji təhlükəsizliyini, ölkə regionlarının elektrik enerjisinə və qaza olan tələbatını təmin etmək məqsədilə 312 milyon manat, o cümlədən Səngəçalda gücü 300 meqavat olan modul tipli elektrik stansiyasının tikintisinə 263 milyon manat, habelə paylayıcı elektrik şəbəkələrinin yenidən qurulmasına 120 milyon manat vəsait sərf edilmiş, ölkənin hər bir regionuna qaz çatdırılması barədə ölkə Prezidentinin tapşırığı icra olunaraq regionların qazlaşdırılmasına 82 milyon manat vəsait yönəldilmişdir.
2008-ci ildə meliorativ işlərin yerinə yetirilməsi, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması üçün 268 milyon manat vəsait istifadə edilmişdir.
Hesabat ilində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına bir sıra möhtəşəm və nəhəng infrastruktur layihələrinin icrası davam etdirilmiş, məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz–Qəbələ–Bakı su kəmərinin, Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilişi layihələrinin maliyyələşdirilməsinə 483 milyon manat vəsait yönəldilmişdir. Dövlət zəmanəti ilə ayrılmış xarici kreditlər hesabına ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb edən enerji, nəqliyyat, kənd təsərrüfatı sektorlarının, meliorasiya və su təchizatı, sosial infrastrukturların tikintisi və yenidən qurulması işlərinin həyata keçirilməsi üçün 560 milyon manat vəsait sərf edilmişdir.
2008-ci ildə ölkəmizin beynəlxalq münasibətlərdə mövqelərinin möhkəmlənməsi, Prezident İlham Əliyevin beynəlxalq aləmdə sürətlə artan nüfuzunun məntiqi nəticəsi kimi ölkəmizin xaricdəki diplomatik xidmət orqanlarının saxlanması, Suriya Ərəb Respublikasında yeni səfirliyin və Qazaxıstanın Aktau şəhərində baş konsulluğun fəaliyyətə başlaması ilə bağlı xərclər üçün 46 milyon manat və yaxud 2007-ci ilə nisbətən 6 milyon manat çox vəsait sərf edilmişdir. Bununla yanaşı, Azərbaycan gerçəkliyinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə və xaricdə keçirilməsinə dövlət büdcəsindən 5,9 milyon manat vəsait yönəldilmişdir. Qırğızıstanda, Myanma İttifaqında, Pakistan İslam Respublikasında, Çin Xalq Respublikasında, Yəmən Respublikasında, Tacikistan Respublikasında və Fələstin Muxtariyyətində baş vermiş təbii və humanitar fəlakətlərin aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən 1,9 milyon manat maliyyə yardımı ayrılmışdır.
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab olunan tədbirlərin maliyyələşdirilməsi üçün 154 milyon manat vəsait istifadə olunmuşdur. 2008-ci il ərzində Dövlət Büdcəsinin Ehtiyat Fondundan dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 439 milyon manat vəsait sərf olunmuşdur.
2008-ci ildə dövlətin daxili və xarici borcları diqqətdə saxlanılmış, dövlət zəmanətli kreditlərin borcu alan təşkilatlar tərəfindən vaxtında ödənilməsinə, əsasən, nail olunmuşdur. 2009-cu il 1 yanvar tarixinə bilavasitə hökumət tərəfindən və dövlət zəmanəti əsasında beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə 6 milyard 574 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında istifadə olunmuş kreditlərin həcmi 3 milyard ABŞ dolları təşkil edir. İstifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 6,4 faizini təşkil edir. 2009-cu il yanvarın 1-nə dövlətin 368 milyon manat məbləğində daxili borcu olmuşdur. Hesabat ilində qanunvericiliklə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət daxili və xarici borclanma limitləri gözlənilmişdir.
2008-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 392 milyon manat və ya 125,9 faiz, yerli xərcləri 886 milyon manat və ya 95,2 faiz icra olunmuşdur ki, bu da 2007-ci illə müqayisədə müvafiq olaraq gəlirlər üzrə 188 milyon manat və ya 92,2 faiz, xərclər üzrə 183 milyon manat və ya 26 faiz çoxdur. Hesabat ilində rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 521 milyon manat maliyyə yardımı, dotasiyalar ayrılmışdır ki, bu da 2007-ci illə müqayisədə 6,1 milyon manat və ya 1,2 faiz çoxdur.
Dövlətimizin başçısı cənab İlham Əliyevin regionların inkişafı istiqamətində müəyyən etdiyi uğurlu siyasətin məntiqi nəticəsi olaraq rayon və şəhərlərin yerli gəlirləri ilbəil artmış və bu hesaba dövlət büdcəsindən ayrılan dotasiyanın xüsusi çəkisi 2007-ci illə müqayisədə 2008-ci ildə 14,6 faiz azalaraq 58,9 faiz təşkil etmişdir. Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 194 milyon manat məbləğində dotasiya yönəldilmişdir ki, bu da 2007-ci illə müqayisədə 41 milyon manat və ya 26,6 faiz çoxdur.
Hesabat ilində ölkədə pensiya və müavinətlərin stabil təminatı üçün dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna 435 milyon manat məbləğində transfer yönəldilmişdir ki, bu da 2007-ci illə müqayisədə 156,3 milyon manat və ya 56,1 faiz çoxdur.
2008-ci ildə dövlət büdcəsinin 11,5 milyon manat kəsiri olmuşdur. Büdcə kəsirinin maliyyələşdirilməsi üçün dövlət əmlakının özəlləşdirilməsindən 109 milyon manat, qiymətli kağızların bazarlarda satışından 74 milyon manat vəsait cəlb edilmişdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, 2008-ci ilin dövlət və icmal büdcələrinin icrası Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dinamik inkişafın və ahəngdar iqtisadi artımın təmin edilməsində mühüm rol oynamış, qlobal maliyyə-iqtisadi böhran şəraitində ölkə iqtisadiyyatının inkişaf templərinin qorunub saxlanması, qarşıya qoyulmuş dövlət vəzifələrinin stabil maliyyə təminatı üçün əsaslı zəmin yaratmışdır.
Çıxışımın yekununda millət vəkillərini Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Heydər Əsədov buyursun. Xahiş edirəm, bir az qısa.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən maliyyə naziri və hörmətli Ziyad müəllim büdcə göstəricilərinin bütün parametrləri haqqında geniş məlumat verdilər. Hesablama Palatası da özünün Milli Məclisə təqdim etdiyi rəyində büdcənin istər funksional, istərsə də iqtisadi istiqamətdə bütün parametrləri haqqında ətraflı məlumat verib. Ona görə də mən burada hörmətli millət vəkillərinə büdcənin əsas məziyyətləri barədə qısaca məlumat vermək istərdim.
Ötən illər kimi, 2008-ci il də iqtisad tariximizdə özünəməxsus parametrləri ilə yadda qalıb. Hesabat ilində olduqca əlverişsiz xarici iqtisadi mühit, iqtisadi tənzimləmə proseslərinin tamamilə pozulduğu bir şəraitdə Azərbaycan iqtisadiyyatı nəinki öz dayanıqlığını qoruyub saxlayıb, hətta mən deyərdim ki, strateji baxımdan yeni uğurlara nail olub. Belə ki, əvvəlki illərdə biz makroiqtisadi sabitliyin qorunmasına, inflyasiyanın qarşısının alınmasına, ümumi daxili məhsulun dünya üzrə rekord həcmdə artmasına nail olmuşduqsa, sonra ölkədə ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasına, aqrar sektora, sahibkarlığa dövlət dəstəyinin artırılmasına nail olduq.
2008-ci ildə ilk dəfə olaraq ümumi daxili məhsul 11 faiz artmışdırsa, qeyri-neft sektorunda artım 15,7 faiz təşkil etmişdir. Bu isə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı və qeyri-neft sektorunda inkişafın olmaması barədə deyilən fikirlərin əsaslı olmadığını bir daha sübut etmişdir. Mən deyərdim ki, 2008-ci ildə Azərbaycan iqtisadiyyatının inkişaf yükünü artıq qeyri-neft sektoru öz üzərinə götürmüşdür. Məhz bunun nəticəsidir ki, qlobal iqtisadi böhran Azərbaycan iqtisadiyyatında, Azərbaycan cəmiyyətində o qədər də hiss edilməmişdir. Əksinə, ərzaq və sənaye məhsullarına qlobal tələbatın azalması nəticəsində əhalinin daha ucuz mallarla təminatı ölkədə həyat səviyyəsinin bir qədər də yüksəlməsinə səbəb olmuşdur. Bu gün bütün dünyanı bürümüş iqtisadi böhran Azərbaycan iqtisadiyyatına bir növ sürtünərək keçmək ərəfəsindədir. Hesablama Palatasının fikricə, bunun əsas səbəblərindən biri də ölkədə yeridilən makroiqtisadi və fiskal siyasətin vahid mexanizm şəklində uzlaşdırılması, dövlətin fiskal sahədə gördüyü tədbirlərin makroiqtisadi səviyyədə dəstəklənməsidir. Belə ki, dövlət bir tərəfdən ərzaq və enerji təhlükəsizliyini təmin etmiş, sahibkarlığa dəstək vermişsə, digər tərəfdən makroiqtisadi səviyyədə faiz və məzənnələri daim nəzarətdə saxlamışdır ki, bu da böyük iqtisadi irəliləyişlərə nail olmağa şərait yaratmışdır.
Bu ilin mühüm göstəricilərindən biri də ümumi investisiyanın strukturunda müsbət dəyişikliklərin davam etməsidir. Siz bilirsiniz, böhran olan dövrdə ölkəyə investisiya axını, adətən, azalır. Azərbaycanda daxili investisiyanın həcminin 34 faiz artması hesabına investisiya qoyuluşu nəinki azalmamış, hətta 38 faiz artmışdır. Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında hazırlanan və həyata keçirilən dövlət proqramlarının, islahatların, həqiqətən, möhkəm, güclü strategiyaya söykəndiyini göstərir. Həyat özü sübut edir ki, bu strategiya hətta qlobal risklərə də dayanıqlıdır. Bunun nəticəsidir ki, hesabat ilində dövlət büdcə tapşırıqları gəlirlər üzrə 278 milyon manat artıqlaması ilə yerinə yetirilmişdir. Bu isə dövlət büdcəsinin uğurla icra olunmasına və növbəti il, yəni 2009-cu il üçün zəruri olan büdcə ehtiyatlarının yaranmasına şərait yaratmışdır.
Müstəqillik dövründə ilk dəfə olaraq büdcə gəlirləri ümumi daxili məhsulun 28,3 faizini təşkil etmişdir ki, bu da Avropa dövlətlərində olan səviyyəyə yaxındır. Bu həm də dövlət maliyyə resurslarının bir daha dövriyyədən büdcəyə cəlb olunaraq yenidən bölüşdürülməsi prinsipini ədalətli şəkildə həyata keçirməyə imkan vermişdir.
Vergi daxilolmalarına dair onu qeyd etmək istərdim ki, digər illərdən fərqli olaraq, hesabat ilində əksər vergi daxilolmaları üzrə tədiyyə tapşırıqları yerinə yetirilmişdir. Yalnız fiziki şəxslər üzrə tədiyyə tapşırıqları kəsirlə yerinə yetirilmişdir ki, bu da hasilatın pay bölgüsü sistemində işləyən işçilərin sayının azalması, orada gəlir vergisi şkalasının dəyişdirilməsi və büdcədə əmək haqqı fonduna müəyyən mənada qənaət edilməsi ilə əlaqədar olmuşdur. Lakin hesablamalar göstərir ki, burada hələ də araşdırılmalı məsələlər vardır.
Ümumiyyətlə, büdcənin müsbət parametrləri haqqında çox danışmaq olar. Hesablama Palatası daxilolmalarda müsbət halları qeyd etməklə yanaşı, daha bir neçə məsələnin həll edilməsi, bir sıra nöqsanların aradan qaldırılması barədə öz tövsiyələrini vermişdir. Palatanın rəyində qeyd olunur ki, vergi daxilolmalarında ahəngdarlığın qorunmasına xüsusi diqqət yetirilməli, xüsusi mülkiyyət üzrə vergi daxilolmalarının daha da artırılması istiqamətində iş aparılmalıdır. Palata burada vergi daxilolmalarının xüsusi çəkisinin azalmasının mənfi meyil olduğunu və bir sıra tədiyyə növləri üzrə büdcə tapşırıqlarının yerinə yetirilməməsini xüsusi qeyd etmişdir. Hesablama Palatasının rəyindəki tövsiyələrdən biri də borcların həcminin artmasını xüsusi nəzarətdə saxlamaqdır. Palata öz rəyində qeyri-vergi gəlirlərinin daxil olmasında da müəyyən problemlərin mövcudluğunu qeyd etmiş, icarəyə verilmiş torpaqlardan, qeyri-maliyyə institutlarından, təkrar borc sazişlərindən daxilolmaların səviyyəsinin aşağı olduğunu vurğulamışdır. Lakin qeyd etməliyəm ki, bütün bunlar ümumi daxilolmalarda büdcənin əsas parametrlərinə xələl gətirməmiş və demək olar ki, büdcə daxilolmaları üzrə tapşırıqlara nail olunmuşdur.
Dövlət büdcəsinin xərclərinə gəldikdə isə qeyd etmək istərdim ki, xərclər keçən il 97,4 faiz icra olunmuşdur. Xərclərin nəzərdə tutulduğundan az icra olunmasına baxmayaraq, Hesablama Palatasının fikricə, bu çox optimal səviyyədir. Müasir maliyyə böhranı şəraitində xərclərə qənaət edilməsi, bir sıra lüzumsuz xərclərin aradan qaldırılması Palata tərəfindən çox optimal hal kimi qiymətləndirilmişdir. Nəzərə almaq lazımdır ki, qənaət, əsasən, ştat vahidlərinin tamamilə doldurulmaması hesabına əldə olunmuşdur. İcra üzrə tapşırıqların 97,4 faiz yerinə yetirilməsinə baxmayaraq, bütün dövlət proqramları, bütün islahatlar tamamilə həyata keçirilmiş və hesabat ilində əmək haqqı, pensiya və digər müdafiə olunan xərclər üzrə heç bir borc öhdəliyi yaradılmamışdır.
Büdcə xərclərinin ayrı-ayrı parametrlər üzrə yerinə yetirilməsi struktur təkmilləşməsi və büdcə xərcləmələrinin hüquqi bazasının möhkəmləndirilməsi ilə müşayiət olunmuşdur. Büdcə xərcləri, ümumən, mövcud qanunvericiliyə, qəbul edilmiş normativ sənədlərə və hüquqi aktlara uyğun olaraq həyata keçirilmişdir. Lakin bununla bərabər, xərclər üzrə də bir sıra məsələlərin həllinin vacibliyi Hesablama Palatasının rəyində öz əksini tapmışdır. Bu məsələlər sırasına gəlirlərdə olduğu kimi, xərcləmələrdə də ahəngdarlığın təmin edilməməsi, ilin sonunda daha çox xərcləmələrə yol verilməsi, bəzi büdcə təşkilatlarında öhdəlik altında olmayan borcların yaradılması, ilin sonunda avans ödəmələrin artması, bəzi nazirliklər tərəfindən büdcə dürüstləşdirilərkən verilən sifarişlərin şişirdilməsi, satınalmalar haqqında qanunvericilik aktlarına riayət edilməməsi və sair daxildir. Hesablama Palatasının apardığı nəzarət tədbirləri nəticəsində bəlli olmuşdur ki, bəzi nazirliklər nəinki dürüstləşdirmək üçün verdikləri sifariş qədər, heç birinci büdcə qədər də vəsait sərf edə bilmirlər. Bəzən təcili tələbat adı altında tender müqavilələri bağlanır, amma işin icrasına hətta 5–6 ay sonra başlanır.
Qanunvericilik aktında bu sahədə olan boşluqları öz hesabatında və rəydə geniş əks etdirmiş Hesablama Palatası bunları ümumiləşdirərək yaxınlarda hökumətə bu boşluqların aradan qaldırılması, normativ sənədlərin təkmilləşdirilməsi üçün təkliflər vermək fikrindədir. Bu təkliflər səhiyyə, təhsil, mənzil-kommunal və ekologiya sahəsində normativ aktların təkmilləşdirilməsinə yönələcəkdir.
Ümumilikdə götürdükdə, Palata keçən ilin büdcəsini iqtisadi tariximizdə irəliyə doğru atılmış daha bir inamlı addım hesab edir və 2008-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin Milli Məclis tərəfindən qəbul edilməsini xahiş edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə keçirik. Xahiş edirəm, yazılasınız. Rafiq Məmmədhəsənov.
R.Məmmədhəsənov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Ayın 25–26-da ölkə Prezidenti cənab İlham Əliyevin qərb bölgəsinə səfəri oldu. Mən bu səfəri tarixi səfər adlandırardım. Ona görə tarixi səfərdir ki, cənab Prezident Gədəbəydə qızıl istehsalına start vermiş oldu. Bu, gədəbəyliləri, eləcə də ölkəmizin bütün əhalisini çox sevindirdi. Artıq Azərbaycan öz neftindən başqa həm də qızılını xarici ölkələrə ixrac edəcək. Bu çox fərəhli haldır, bütün respublika üçün önəmli bir hadisədir.
Məruzələrdən göründüyü kimi, 2008-ci ilin büdcəsi yerinə yetirilmişdir. 2007-ci illə müqayisədə büdcədə artım həddindən çoxdur. Büdcə daxilolmalarının, demək olar ki, 52,9 faizi Vergilər Nazirliyinin, 10 faizi Dövlət Gömrük Komitəsinin, 35 faizi Dövlət Neft Fondunun hesabınadır. Bu da vergi orqanlarının və digər orqanların işinin düzgün qurulduğuna dəlalət edir.
Burada səhiyyə xərclərinə də toxunuldu və bu xərclərin 2008-ci il dövlət büdcəsində yeri qeyd olundu. Təxminən 9-a qədər dövlət proqramından biri də şəkərli diabet üzrə dövlət proqramıdır. O proqram 2009-cu ildə başa çatır. Ona görə üzümü hökumət üzvlərinə tutub xahiş edirəm ki, bu proqram növbəti 5 il də uzadılsın. Çünki bu proqram fəaliyyətə başlayanda respublikamızda 60 minə qədər şəkərli diabet xəstəsi var idi. İndi bu rəqəm 100 mini keçib və günbəgün də artmaq üzrədir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistik məlumata görə hazırda bütün dünyada 230 milyon şəkərli diabet xəstəsi var və tədqiqat aparıb belə rəqəm verirlər ki, 2025-ci ildə bütün dünyada 380 milyon şəkərli diabet xəstəsinin olacağı gözlənilir. Ona görə də bu xəstələrin dövlət yardımına ehtiyacı olduğunu daim nəzərdə saxlamaq lazımdır.
Digər bir təklifim də var. Bilirsiniz ki, Gədəbəy kartofçuluq rayonudur. Bu il gədəbəylilər o qədər kartof yetişdirdilər ki, o kartofu sata bilmədilər və məhsulun hamısı zay oldu. Eşitdiyimə görə, Cəlilabad bölgəsində də həmin hadisə baş veribdir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyindən xahiş edirəm ki, bu məsələ haqqında fikirləşsin. Gədəbəylilər il ərzində gözlədikləri kartofu sata bilmirlər. Ona görə deyirlər, biz daha kartof əkməyəcəyik. Kartof anbarları, soyuducular tikmək, nələrsə fikirləşib tapmaq lazımdır ki, camaat ruhdan düşməsin. Gədəbəy kartofu ekoloji təmiz ərzaqdır. Onu xəstəxanalara da, əsgərlərimizə də vermək olar. Hökumət üzvlərindən xahiş edirəm ki, bu haqda fikirləşsinlər.
Büdcənin icrasına münasibətim müsbətdir və mən bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2008-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ilə bağlı hökumət üzvlərinin çıxışı bundan əvvəlki illərdə etdikləri çıxışlardan heç nə ilə fərqlənmədi. Yenə də dünyada baş verən proseslərin bu büdcəyə mənfi təsiri ilə bağlı bir dənə də narahatedici fakta rast gəlmədik. Ənənəvi olaraq yalnız inkişafdan söhbət gedir. Hökumət üzvlərinin çıxışından bu nəticə hasil olur ki, mənfiyə doğru heç bir şey baş verməyib. Halbuki ölkə əhalisinin və respublikanın vəziyyətinin necə olması burada oturanların hər birinə bəllidir. Bu yaxınlarda hətta dövlət başçısı da bu məsələlərdə öz narahatçılığını, nəhayət, dilə gətirdi və biz hamımız bunun şahidi olduq.
Hesablama Palatasının rəyindən görünür ki, əvvəlki illərdə olduğu kimi, keçən il də 9 iri vergi ödəyicisi öhdəliklərini yerinə yetirə bilmədiyi üçün büdcəyə borclar artmışdır. Buradan aydın görünür ki, dövlət qurumlarında büdcə vəsaitlərindən səmərəsiz istifadə halları adi hal alıb. Hörmətli Heydər müəllimin dediklərindən aydınlaşır ki, dövlət proqramlarının icrasında da müəyyən nöqsanlar aşkarlanıb. Hesablama Palatası sədrinin açıqlamalarından da aydın görünür ki, dövlət zəmanəti ilə alınan bəzi kreditlər qaytarılmayıb və bu, kreditlər üçün əlavə yük olub.
Hörmətli Heydər müəllim çıxışında dedi ki, ilin sonunda bir çox dəyişikliklər aparılıb. Doğrudur, mən də onu müşahidə etmişəm. Hesablama Palatası sədrinin 2008-ci ilin dürüstləşdirilmiş büdcə haqqında məlumatında xərclərlə bağlı göstərilən rəqəmlər mayın 2-dəki rəqəmlərlə eynidir. Deməli, aparılan bütün dəyişikliklər ilin sonunda və bəlkə də il qurtarandan sonra aparılıb. Bu məsələyə aydınlıq gətirilmədi və biz bunu bilmirik. Hörmətli Heydər müəllim burada bu məsələ ilə bağlı çıxış edəndə o müəssisələrin adları adbaad çəkilməli və hökumətdən bu məsələ ilə bağlı hesabat istənilməli idi. Hesablama Palatası bu məsələyə parlamentdə aydınlıq gətirilməsini tələb etməli idi.
2008-ci ilin may ayında dürüstləşdirilmiş büdcədə proqnoz kimi ümumdövlət xidməti xərcləri 805,6 milyon manat təsdiqlənib. Amma son sənəddə bu xərclər 735,6 milyon manatdır. Elm xərcləri birinci variantda 71,6 milyon manat göstərildiyi halda hesabat büdcəsində həmin rəqəm 66,6 milyon manat kimi göstərilibdir. Dürüstləşdirilmiş büdcədəki dövlət borcuna xidmət xərcləri üzrə proqnoz 218 milyon manatdan 153 milyon manata, məhkəmə hakimiyyətinin, hüquq mühafizə, prokurorluq orqanlarının saxlanması 589 milyon manatdan 566 milyon manata, iqtisadi fəaliyyət xərcləri 322 milyon manatdan 146 milyon manata endirilib. Bir xərc maddəsi üzrə qanunla təsdiqlənən proqnozun 2,5 dəfə azalmasının hüquqiliyinə aidiyyəti orqanlar mütləq aydınlıq gətirməlidir və parlament buna qiymət verməlidir.
Əsas bölmələrə aid edilməyən xidmət xərclərinin qanunla təsdiqlənmiş proqnozu isə 658,8 milyon manat olduğu halda müvafiq icra hakimiyyəti orqanları büdcənin icrası gedişində həmin proqnozları dəyişdiriblər. Faktiki bu bölmə üzrə xərcləri təqribən 300 milyon manat artıraraq 658,8 milyon manatdan 951,9 milyon manata çatdırıblar. Büdcə proqnozlarına bu şəkildə çox ciddi dəyişikliklər edilib.
Digər tərəfdən, Nazirlər Kabinetinin Ehtiyat Fondu qanunla 120 milyon manat təsdiqlənib. Xahiş edirəm, bu rəqəmə diqqət edəsiniz. Çox maraqlıdır ki, büdcənin icrası gedişində bu proqnoz 444,5 milyon manat səviyyəsinə çatdırılmaqla 3,5 dəfə artırılıb. “Büdcə sistemi haqqında” Qanunun 18.4-cü maddəsində göstərilir ki, zərurət yarandıqda təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində dəyişikliklər aparıla bilər. Bu dəyişiklik “Büdcə sistemi haqqında” Qanuna son dövrdə əlavə edilib. Digər tərəfdən, qanunda aydın göstərilmir ki, zərurət yarandığı hal dedikdə nə başa düşülür. Bunu necə izah edə bilərsiniz, hörmətli hökumət üzvləri? Burada qeyri-müəyyən məsələlərdən biri də “funksional təsnifatın bölmələri” ifadəsidir. Burada da aydın deyil ki, bölmələrin öz daxilindəki, yoxsa funksional təsnifatın ayrı-ayrı bölmələri arasındakı dəyişiklikdən söhbət gedir. Mən bu məsələyə də aydınlıq gətirilməsini istəyirəm. Parlamentin təsdiq etdiyi, ölkə başçısının imzaladığı qanuna müvafiq icra hakimiyyəti orqanının dəyişiklik aparmasına kim haqq verib, hörmətli hökumət üzvləri? Bu, əsl qanun pozuntusu, özbaşınalıq deyilmi?
“Büdcə sistemi haqqında” Qanunun 16-cı maddəsi qanunla təsdiqlənən büdcə göstəricilərinin siyahısını müəyyənləşdirir. Həmin maddənin 16.1-ci bəndində yazılıb: “funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği qanunla təsdiqlənir”. Bu isə o deməkdir ki, təsdiqlənən proqnozları məhz qanunla dəyişmək mümkündür. Qanunla təsdiqlənən büdcə proqnozları hökumətin büdcəni necə icra etməsinə nəzarət etmək üçün təsdiqlənir. Əgər bu belə deyilsə, büdcəni Milli Məclisin təsdiq etməsinə nə ehtiyac var ki? Büdcəni özünüz təsdiqləyin, icra prosesində də özünüz dəyişiklik aparın, heç parlamentə də ehtiyac qalmasın. Əgər proqnozları özünüz dəyişdirəcəkdinizsə, niyə hər il may ayında dürüstləşdirilmiş büdcə haqqında qanunlar Milli Məclisə təqdim olunur?
Əgər ilin birinci yarısında faktiki gəlirlər proqnozlaşdırılan gəlirlərdən 30 faiz az olursa, artıq bu, parlamentin iclasında müzakirəyə çıxarılır. Bu isə o deməkdir ki, kənarlaşmalar yalnız və yalnız Milli Məclisin nəzarəti altında və qərarları ilə dəyişdirilə bilər. Sual edirəm: bu presedent 2009-cu il büdcəsinin dəyişikliklərinə də şamil ediləcəkmi? Cari ilin büdcəsi qanun şəklində parlamentə çıxarılmadan, büdcənin xərc və gəlirlərinin ümumi məbləği dəyişdirilmədən ayrı-ayrı funksional bölmələr arasında hökumət özbaşına yenə də dəyişikliklər aparacaqmı?
Hörmətli Sədr, sonda Sizə və Milli Məclisin üzvlərinə müraciət etmək istəyirəm. Bütün bu dediklərim parlamentin büdcə ilə bağlı səlahiyyətlərinin hökumət tərəfindən mənimsənilməsi deyilmi? Deyilsə, bəs nədir? Təşəkkür edirəm.
Sədrlik edən. Çıxışı çox gözəl başlamışdın. Deyirsən ki, hökumətin icra haqqında hesabatında heç bir dəyişiklik yoxdur. Elə sizin çıxışlarınızda da bir dəyişiklik yoxdur. Mən 4-cü ildir buradayam, çıxışlar eyni səviyyədə, eyni istiqamətdədir. Fərq var? Yoxdur. Polemika üçün demədim. Çıxışdan əvvəl rəqəmləri normal təhlil edin. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən birinci növbədə onu vurğulamaq istəyirəm ki, 2008-ci ildə hökumət onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirə bilmişdir. Müstəqillik yalnız iqtisadi baza üzərində qurula bilər. Deməli, hökumət məhz bu iqtisadi müstəqilliyin təminatında çox böyük rol oynayıb.
Hörmətli Sədrlə hörmətli həmkarımız Arzu Səmədbəylinin polemikasına gəlincə mən bir məqama toxunmaq istəyirəm. Ötən il də mən bu fikri vurğulamışdım. Mənim aləmimdə hökumətin fəaliyyətində uğurlu məqamları deməklə insanlar özünün siyasi müxalifətçilik ampluasından, siyasi müxalifətçilik sifətindən, dəst-xəttindən çıxmırlar. Ola bilməz ki, müxalifətçi üslubu ancaq sadəcə tənqid və həddindən artıq qərəzli yanaşmalar üzərində qurulmuş olsun. Hörmətli Arzu bəy bircə dənə də olsa, müsbət məqamı desə, onu nə Müsavatda, nə də cəmiyyətdə qınayan olar.
Ötən il hökumət xalq qarşısında özünün sosial öhdəliklərini yerinə yetirə bilmişdir. Yəni təhsil, səhiyyə, müavinətlər, pensiya və sair kimi ödəmələrdə hər hansı bir problem mövcud olmayıb və xalq özünün bu münasibətini 2008-ci ilin seçkilərində ifadə edib. Bunu xalqın hökumətə münasibəti kimi də qiymətləndirmək olar. Amma onu da bölüşürəm ki, cəmiyyət içərisində hökumətlə ölkənin rəhbəri eyni etimadı bölüşmürlər. Ölkənin ayrı-ayrı strukturlarına münasibətdə cəmiyyətdə narazılıqlar və tənqidlər də var. Bu da başa düşüləndir. Heç bir hökumət xalq qarşısında yüzdə yüz bütün vəzifələri yerinə yetirə bilməz.
Vurğulamaq istədiyim üçüncü məqam Hesablama Palatasının təqdim olunmuş rəyi ilə bağlıdır. Bir qayda olaraq, bu rəylər artıq son illər kifayət qədər ətraflı hazırlanmış olur və hökumətin fəaliyyətinin qiymətləndirilməsi üçün çox yaxşı məlumat bazası yaradır. Bu qiymətləndirmələr Hesablama Palatasının rəhbərliyi tərəfindən də tribunadan səslənir, amma bir sıra suallar aydınlaşmamış qalır. Hökumətin və dövlətin ümumi siyasi dəst-xəttini müdafiə edən insanlar da onun arzusundadır ki, bu suallar, bu problemlər ortadan götürülmüş olsun ki, ona yanaşmada kimsə özünün müxalifətçilik maraqlarını irəli sürə bilməsin, müxalifətin arqumentləri əlindən alınmış olsun və eyni zamanda, cəmiyyətin də hədəfindədir ki, bu problemlər həllini tapmış olsun.
Mən Hesablama Palatasının rəyində qaldırılmış bir sıra sualları burada açıq səsləndirmək istəyirəm. Qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi, icra hakimiyyəti orqanlarının saxlanma xərclərində müəyyən fərqlər aşkar olunub, dürüstləşdirmə zamanı 8 nazirlik və komitədə icralar təyinatdan az olub, paraqraflar arasında yanaşmalarda fərqlər aşkarlanıb və sair. Vakansiyaların tutulmaması və yenə də o yerlərin saxlanması halları qalmışdır. Mən çox arzulayıram, ya hökumət bu tənqidlərin əsaslı olduğunu və bunun gələcək dövrdə nəzərə alınacağını bəyan etsin, ya da bunun hansı zərurətdən, hansı məsələlərdən irəli gəldiyini qeyd etsin. Bu, sadəcə, sənəd naminə hazırlanmış bir toplu deyil, hökumətin gələcək fəaliyyətinin təkmilləşdirilməsi üçün çox yaxşı bir məlumat bazasıdır.
Başqa məsələləri də vurğulamaq istəyirəm. Burada 9 iri vergi ödəyicisinin büdcə qarşısında öhdəliklərini yerinə yetirməməsi məsələsinə toxunuldu. Bunlar il-ildən artır. Bu məbləğ indi həddindən artıq böyükdür. Təsəvvür edin ki, ümumi məbləğ sanksiyalarla birgə 863 milyon manata bərabərdir. Bunlar “Azərenerji” üzrə 308 milyon manata, Dövlət Neft Şirkəti üzrə 83 faiz artaraq müəyyən bir məbləğə və sairə çatmışdır. Yəni 9 iri vergi ödəyicisi sadalanıbdır. Sanksiyalar tətbiq olunur. Amma bu məbləğlərin artmasına baxmayaraq, il-ildən bu borcları gələn ilə saxlayırıq.
Mənim xatirimdədir, 2000-ci illərdə qarşılıqlı ödəmələr, müxtəlif borcların yerinə yetirilməməsi və sair məsələlər daha geniş hal almışdı. O vaxt alternativ üsullar tapıldı və həmin borcların ya silinməsi, ya da restrukturizasiyası aparıldı. Mən hesab edirəm ki, həmin qurumların büdcə qarşısında öhdəliklərini yerinə yetirmək üçün tam imkanları var. Ödənilməmiş vəsaitlər hansısa layihələrin icra olunmaması deməkdir. Pensiyaların artırılmasında müəyyən problemlər doğur və sair. Bu qurumların borcudur ki, öhdəlikləri yerinə yetirsinlər. Əks halda dediyim kimi, başqa alternativ metodlar tapılmalıdır.
Mən arzu edirəm ki, 2008-ci ildə ölkə üzrə sayğaclaşma başa çatmış olsun. Mən elektrik enerjisi sahəsində sayğaclaşmanı nəzərdə tuturam. Bildiyim qədər, ölkə başçısının da buna yönəlik dövlət proqramlarında çox ciddi müddəalar nəzərdə tutulmuşdur. “Azərenerji” vurğulasa ki, onların bu öhdəlikləri yerinə yetirməməsinə həm də əhalinin onlara borcu mane olmuşdur, onda biz çox açıq şəkildə sual edə bilərik, niyə sayğaclaşdırmanı 100 faiz həyata keçirmirsən ki, 100 faiz də ödəmələrə nail olmuş olasan? Mənim xatirimdədir, 2007-ci ildə biz enerji daşıyıcılarının qiymətlərində liberallaşmaya gedəndə bunu həm də onunla əsaslandırdıq ki, onların maya dəyərindən artıq qiymətə satılması imkan verəcək ki, bu sahə rentabelli işləsin, yəni əhali bu sahəyə borclu qalmasın. Düşünürəm ki, buna nail olmaq 2009-cu ildə hökumətin müvafiq strukturu qarşısında ən ciddi vəzifədir.
Mən idarəetmə orqanlarında xərclərin şişirdilməsi məsələsinə də toxunmaq istərdim. Burada qeyd olunur ki, müəyyən maliyyə ödəmələri 95, 97 faiz və sair olmuşdur. Bu da onunla əlaqələndirilir ki, müvafiq strukturlarda xərclər şişirdilmiş rəqəmlərlə təqdim olunub. Hesablama Palatasında bununla bağlı çox yaxşı yanaşmalar irəli sürülür. Ona görə düşünürəm ki, gələcək dövrdə xərclərin hesablanması üçün normativ aktlardan və müvafiq metodiki qaydalardan istifadə etmək lazımdır ki, bu cür şişirdilmiş xərclər meydana çıxmasın.
Alkoqollu içkilərə aksizlərin verilməsində təklif olunur ki, faiz göstəriciləri dəyişdirilsin, onun maliyyə ekvivalenti yaradılsın. Azərbaycan islam etiqadlı ölkə olsa da, dünyanın çox seçilən ölkələrindəndir ki, burada alkoqollu içkilər kifayət qədər istifadə olunur. Yəni bunların istehlak olunduğu təqdirdə sizin dediyiniz yanaşma avtomatik olaraq alkoqollu içkilərin qiymətlərini qaldıracaq. Mən bilmirəm, bununla büdcə nə qədər qazana bilər. Amma əhali bundan itirəcəkdir. Ona görə mən çox arzu edirəm ki, bu məsələ dəqiqləşdirilmiş olsun.
Toxunmaq istədiyim sonuncu məsələ ixrac potensialı ilə bağlıdır. Ümumiyyətlə, biz etiraf edirik ki, dünya bazarı bizə qədər tutulmuşdur və rəqabət qabiliyyətli məhsullarla kifayət qədər zəngindir. Azərbaycan son bir neçə il ərzində özünün ixrac potensialını göstərməyə başlamışdır. Bu sahəni təşviq etmək üçün ən müxtəlif addımlar atıla bilərdi. Bax, indi də iqtisadi böhranın təsirləri, – cənab Prezident də bunları vurğuladı, – məhz onlara dəymişdir. Düşünürəm ki, hökumət bu qlobal böhran və qeyri-sabit bazar konyunkturası şəraitində bunların qorunması üçün ciddi tədbirlər həyata keçirməlidir. Hər birimiz arzulayırıq ki, “made in Azərbaycan” etiketi ilə, nəhayət, biz də məhsullar görmüş olaq. Mənə elə gəlir ki, hər bir ölkənin gücü bundadır.
Bütövlükdə götürdükdə, mən hesab edirəm ki, 2008-ci il üçün hökumət öz fəaliyyətini qənaətbəxş yerinə yetiribdir və mən bu sənədə səs verəcəyəm.
Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Z. Əsgərov. Sağ olun. Əhəd Abıyev.
Ə.Abıyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri və hökumət üzvləri! Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat barədə qısa da olsa, öz fikrimi bildirmək istəyirəm.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yüksək səviyyədə hazırlanıb müzakirəyə təqdim olunmuş sənədlərdə ölkəmizin 2008-ci ildə iqtisadi inkişafı öz əksini tapıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz inkişaf edir, möhkəmlənir. Belə ki, ölkəmizdə iqtisadi, o cümlədən maliyyə, vergi siyasətinin nəticəsi olaraq hökumət 2008-ci büdcə ilində nəzərdə tutulmuş vəzifə və tapşırıqların maliyyə təminatının həllinə nail olmuş, bu da 2008-ci ildə respublikamızda həyata keçirilən iri layihələrin, sosial proqramların maliyyələşdirilməsinə əlverişli şərait yaratmışdır.
Dünyanın aparıcı dövlətlərində iqtisadi-maliyyə böhranı baş verdiyi bir dövrdə ölkəmizdə hökumət tərəfindən aparılmış bir sıra qabaqlayıcı tədbirlər nəticəsində iqtisadiyyatın kənar təsirlərdən qorunmasına nail olunmuşdur. Bu kimi tədbirlərin həyata keçirilməsi dövlətimizin iqtisadi qüdrətinin artmasına, xalqımızın rifah halının yüksəlməsinə, regionların bərabər səviyyədə inkişaf etdirilməsinə, proqram və layihələrin genişlənməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin güclənməsinə, ən nəhayət, respublikamızda yoxsulluğun azalmasına imkan yaratmışdır.
2008-ci ilin əvvəllərində bir çoxları dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar yaranacaq maliyyə çətinlikləri üzündən respublikamızda nəzərdə tutulmuş investisiya layihələrinin həyata keçirilməsində müəyyən çətinliklərin yaranacağını söyləmişdilər. Buna baxmayaraq, hesabat ilində ölkə iqtisadiyyatının artım tempi qorunub saxlanmışdır. Heç də təsadüfi deyil ki, bir çox beynəlxalq maliyyə qurumlarının hesabatlarında böhranın ən az təsir göstərdiyi ölkə kimi məhz Azərbaycanın adı qeyd olunmuşdur.
Hörmətli həmkarlarım, 2008-ci ilin dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 102,7 faiz icra olunmuşdur. Dövlət büdcəsində həm neft sektorundan, həm də qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi artmışdır. Demək olar ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən bütün iqtisadi qurumlar öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmişlər.
Dövlət büdcəsinin xərcləri təsdiq olunmuş büdcə çərçivəsində 97 faiz icra olunmuşdur ki, bu da əvvəlki il ilə müqayisədə 77 faiz çoxdur. 2008-ci ildə investisiya xərcləri ilə yanaşı, sosial yönümlü xərclərə də xüsusi önəm verilmişdir.
Bugünkü sənədlərin müzakirəsində bir məsələni xüsusilə qeyd edib bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Hesablama Palatasının hazırladığı rəydə 2008-ci il dövlət büdcəsinin təhlili ilə yanaşı, çoxsaylı təkliflər də yer almışdır. Hesab edirəm ki, bu təkliflər cari və növbəti büdcənin icra mexanizminin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinə müvafiq zəmin yaradacaqdır.
Çıxışımın sonunda bir daha qeyd etmək istəyirəm ki, 2008-ci il dövlət büdcəsinin icrası üzrə qarşıya qoyulmuş tapşırıqların hökumət tərəfindən yerinə yetirilməsinə ümumən nail olunmuşdur. Buna görə mən də hökumətin bu sahədə fəaliyyətinə hörmətlə yanaşaraq həmkarlarımı təqdim olunmuş sənədlərin qəbul olunmasına səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Əhəd müəllim, sağ olun. Buyurun, Vahid müəllim.
V. Əhmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2008-ci ilin dövlət büdcəsinin icrası haqqında burada geniş hesabat verildi. 2008-ci ilin ikinci yarısında dünyada qlobal maliyyə böhranının baş verməsinə baxmayaraq, Azərbaycan hökuməti bu böhranın öhdəsindən müəyyən qədər gəldi. Azərbaycan hökuməti, Maliyyə Nazirliyi, Milli Bank tərəfindən atılan qabaqlayıcı addımlar bu böhranın Azərbaycan ictimaiyyətinə çox az ziyan vurmasına gətirib çıxarır. Milli Bank tərəfindən qəbul edilmiş uçot dərəcəsinin 15 faizdən 2 faizə endirilməsi, bankların likvidliyinin təmin edilməsi, manatın məzənnəsinin bu günə qədər qorunub saxlanılması hökumət tərəfindən atılan ən mühüm addımlardan biri hesab edilməlidir.
İqtisadi inkişafın əsas amillərindən biri iqtisadiyyata investisiyaların qoyulmasıdır. Xarici investisiyanın azalmasına baxmayaraq, Azərbaycanda daxili investisiyanın artaraq 75 faizə çatması Azərbaycanın iqtisadi imkanlarının nə qədər artdığını aydın göstərir. Böhrana baxmayaraq, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən proqnoz göstəricilərinin yerinə yetirilməsi, mən deyərdim ki, çox müsbət haldır və bunu müsbət hal kimi qiymətləndirmək lazımdır.
Bütün bu yuxarıda dediklərimlə yanaşı, mən dövlət büdcəsinin icrası ilə əlaqədar bizi narahat edən bir sıra məqamlara toxunmaq istərdim. Büdcənin gəlir hissəsində fiziki şəxslərin gəlir vergisinin icrası təxminən 78,9 faiz göstərilib. Bu, olduqca kiçik rəqəmdir. Burada maliyyə naziri, Hesablama Palatasının sədri buna müəyyən arqumentlərlə, faktlarla cavab versələr də, mən hesab edirəm ki, əgər əhalinin gəlirləri 2008-ci ildə 37,8 faiz artmışdırsa, deməli, bu rəqəmlər arasındakı uyğunsuzluq çox böyükdür. Düzdür, burada izah etdilər ki, bu, neft hasilatındakı pay bölgüsü və bir sıra digər amillərlə əlaqədardır. Amma mən hesab edirəm ki, burada artıq vergi orqanlarının işləməsi üçün müəyyən imkanlar var. Gələcəkdə elə etmək lazımdır ki, proqnozlarda belə uyğunsuzluqlara yol verilməsin.
Bir məsələ də özəl mülkiyyətdə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ilə əlaqədardır. Faktiki olaraq 2008-ci ildə bu borcların həcmi 4 milyard manata gəlib çatmışdır. Bu borclar ilbəil artır və burada 9 vergi ödəyicisi xüsusi yer tutur. Ümumiyyətlə, biz büdcədə borcların azalmasını hiss etmirik. Ona görə də Hesablama Palatası bunu çox ciddi araşdırmalıdır. Hökumət səviyyəsində müəyyən qərarlar qəbul edilməlidir ki, bu borclar ilbəil artıb kritik bir nöqtəyə gəlib çatmasın.
Büdcənin xərc hissəsində də müəyyən problemlər var. Burada qeyd olundu, büdcənin xərc hissəsi 97,4 faiz icra olunub, yəni 2,6 faiz yerinə yetirilməyib. Xüsusilə təhsildə, səhiyyədə və sair sahələrdə xərclər yerinə yetirilməyib. Özü də təhsildə, səhiyyədə avadanlıqla, əmək haqqı və ya təmirlə əlaqədar bütün xərclər 98–99 faiz yerinə yetirilib. Amma böyük əmək sərf olunduğu tətbiqi tədqiqatlar sahəsində, o cümlədən təhlükəsizlik sahəsində xərclər 74–92 faiz yerinə yetirilib. Bu, artıq bir sıra məsələlərə gətirib çıxarır. Qeyd olunduğu kimi, xərclərin aşağı səviyyədə olmasının əsas səbəbi vakant yerlərin saxlanmasıdır. Bu vakant yerlər əgər ildən-ilə saxlanılırsa, Maliyyə Nazirliyi onları artıq növbəti illər üçün proqnozda göstərməli və ya ixtisar etməlidir. 600-ə yaxın vakant iş yeri mövcuddur. Halbuki bütün rayonlarda iş yerləri ilə əlaqədar böyük problemlər var. Ona görə də mən belə hesab edirəm ki, vakant yerlər məsələsini Maliyyə Nazirliyi birdəfəlik həll etməlidir ki, hər il proqnozlarda bu göstərilməsin.
Maliyyə naziri öz çıxışında yerli icra orqanlarına dotasiyaların verildiyini qeyd etdi. Hər il biz yerli icra orqanlarına dövlət büdcəsindən müəyyən dotasiyalar veririk və bu dotasiyalar ilbəil artır. Düzdür, 2008-ci ildə yerli icra orqanlarının büdcələrində müəyyən qədər artım olunub. Amma nəzərə almaq lazımdır ki, dövlət başçısının apardığı siyasət nəticəsində yerli icra orqanlarına regionların iqtisadi inkişaf proqramı, sahibkarlığın milli fondu və sair çərçivəsində külli miqdarda vəsaitlər verilir. Ona görə bunların gəlirləri ilbəil daha yüksək səviyyədə artırılmalıdır ki, dotasiyanın miqdarı azalsın. Amma fikir verirsinizsə, bəzi icra orqanlarında bu göstəricilər hətta orta göstəricidən də 10 faiz aşağı səviyyədə öz əksini tapıb. Ona görə də yerli icra orqanlarına dotasiyaların verilməsini ilbəil azaltmaq lazımdır ki, bu, müəyyən nöqsanlara gətirib çıxarmasın.
Mən ipoteka krediti ilə əlaqədar məsələyə toxunmaq istəyirəm. 2008-ci ilin dövlət büdcəsində biz ipoteka ilə əlaqədar 22 milyon manat vəsait nəzərdə tutmuşduq. Mənim aldığım məlumata görə, bu vəsaitin təxminən 10 milyon manatı hələ xərclənib qurtarmayıb, 2009-cu ilə keçirilib. 2009-cu ilin dövlət büdcəsində də biz 35 milyon manat ipoteka krediti nəzərdə tutmuşuq. 5 ay keçib, amma bu günə qədər ipoteka kreditinə bir manat da verilməyib. Ümumiyyətlə, cənab Sədr, bu ipoteka krediti ilə əlaqədar nə oyunlar gedir, biz baş aça bilmirik. Sosial ipotekadan söhbət gedir. Bu ipoteka dövlət büdcəsindən ayrılan vəsaitdir. Bu vəsaitin hansı qaydalar əsasında verilməsi barədə kütləvi informasiya vasitələrində, televiziyada sistematik məlumat vermək lazımdır. Çünki ipoteka krediti ilə əlaqədar müraciətlər, şikayətlər həddindən çoxdur. Niyə kreditlər verilmir? İndi də məlumat alırıq ki, bu yay sosial ipoteka digər ağır şərtlər əsasında veriləcək. Cənab Prezidentin bununla əlaqədar olaraq sərəncamı var. Hansı faizlərlə verilməlidir, ilkin ödəniş necə olmalıdır və sair. Ümumiyyətlə, mən istərdim, burada bizə məlumat versinlər ki, ipoteka krediti ilə əlaqədar niyə belə vəziyyət yaranıb. Axı bu, dünyada ən çox istifadə edilən kredit formalarından biridir. Bundan insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün istifadə olunur.
Digər bir məsələ maliyyə nəzarəti ilə əlaqədardır. Biz komitənin iclasında da bu barədə geniş danışdıq. Son vaxtlar biz dövlət büdcəsindən istifadədə müəyyən nöqsanlara yol verildiyinə baxmayaraq, hesabatlarda, əsasən, müsbət hallara nəzər yetiririk. Halbuki Hesablama Palatası çox ciddi nöqsanlar aşkara çıxarıb. Amma mən istərdim, maliyyə nəzarəti haqqında qanun layihəsinə biz Maliyyə Nazirliyi ilə bir yerdə baxaq. Düzdür, Maliyyə Nazirliyində müəyyən struktur dəyişiklikləri aparılıb, yeni bölmələr yaradılıb, amma yenə də ilbəil maliyyə nəzarəti ilə əlaqədar nöqsanlar üzə çıxarılır. Bu çox ciddi problemdir.
Mən burada bir məsələyə də toxunmaq istərdim. Yadınıza gəlirsə, may ayında biz dövlət büdcəsinə dəyişikliklər etdik. Dəyişikliklər “Dövlət büdcəsi haqqında” Qanuna uyğun olaraq aparıldı və biz bir sıra rəqəmləri dəyişdik. Mən burada o rəqəmlərə toxunmaq istəmirəm, o rəqəmlər çoxdur. Amma mən xahiş edərdim ki, Maliyyə Nazirliyi bizə həmin dəyişikliklərlə əlaqədar hesabat versin. Bizə əvvəlki hesabatlar lazım deyil. Onlara ehtiyacımız yoxdur. Çox təəssüf ki, indiki hesabatda buna diqqətlə yanaşılmayıb.
Digər bir məsələ dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən əldə olunan gəlirlərlə bağlıdır. Dövlət mülkiyyətində külli miqdarda torpaqlar icarəyə verilir. Biz icarə mexanizmini həyata keçirmədən 42 faiz gəlir əldə edirik. Bəs bu gəlirlərin 60 faizi haradadır? Bu torpaqlar necə icarəyə verilir? Hansı qiymətlər əsasında icarəyə verilir ki, biz dövlət büdcəsinə lazımi vəsaiti toplaya bilmirik?
Ümumi götürdükdə, mən belə hesab edirəm ki, cənab Sədr, maliyyə nazirinin bizə təqdim etdiyi 2008-ci ilin dövlət büdcəsi təqdirəlayiqdir. Dünyanı bürümüş qlobal maliyyə böhranı şəraitində Azərbaycan hökuməti belə göstəricilərə nail olmuşsa, bu müsbət haldır. Mən dövlət büdcəsinə səs verəcəyəm, həmkarlarımı da ona səs verməyə çağırıram.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hökumət nümayəndələri və parlamentin işini işıqlandıran mətbuat nümayəndələri! Biz 2008-ci ilin dövlət büdcəsinin yerinə yetirilməsi ilə bağlı burada parlamentin iqtisadi siyasət komitəsi sədrinin, maliyyə nazirinin və Hesablama Palatası sədrinin ətraflı məlumatları ilə tanış olduq. İstər əvvəlcədən deputatlara paylanmış sənədlər əsasında, istərsə də bu məlumatlardan aydın oldu ki, hökumət, doğrudan da, 2008-ci il ərzində öz üzərinə düşən vəzifəni yerinə yetirməkdən ötrü cidd-cəhdlə çalışmışdır.
Əvvəlki illərdən fərqli olaraq 2008-ci il dünyada dağıdıcı böhranın başlandığı bir il olmasına baxmayaraq, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan, demək olar ki, 2008-ci il ərzində böhranın bu dağıdıcılığından müəyyən qədər yayına bilmişdir. Mənə elə gəlir ki, 2008-ci il büdcəsinin yerinə yetirilməsi istiqamətində bu, müsbət tendensiyadır. İkinci müsbət tendensiya manatın dəyərinin qorunub saxlanmasıdır. Aydın məsələdir ki, bu heç də hökumətə ucuz başa gəlmir. Ancaq bununla bərabər, valyutamızın dəyərinin qorunub saxlanması Azərbaycanda sosial cəhətdən aşağı təminatlı və orta gəlirli vətəndaşların həyat qabiliyyətinin, alıcılıq qabiliyyətinin qorunub saxlanılması istiqamətində mühüm addımlar olmuşdur. Ümumilikdə götürdükdə, 2008-ci il ərzində büdcənin yerinə yetirilməsi istiqamətində mütərəqqi addımlar çoxdur.
Ancaq bununla bərabər, məni narahat edən və seçicilərimiz tərəfindən bizə ünvanlanmış müraciətlərdə yer alan bəzi məqamlara da toxunmaq istəyirəm. Toxunmaq istədiyim məqamlardan biri 2008-ci ildə qiymətlərin artım sürəti ilə bağlıdır. Şübhəsiz ki, hökumət böhranın qarşısının alınması istiqamətində kifayət qədər ciddi addımlar atmışdır. Ancaq bu addımlar bütövlükdə qiymətlərin bahalaşmasının qarşısını ala bilməmişdir. Bu gün Azərbaycan dünyada bahalığın səviyyəsinə görə birinci beşliyə daxil olan ölkələrdən biridir. Ölkəmizdə milyon yarıma qədər pensiya və müavinətlər hesabına yaşayan vətəndaşlar var. Həmin vətəndaşların vəziyyəti, şübhəsiz ki, hökumət tərəfindən nəzərə alınmalıdır.
Hesablama Palatası sədrinin çıxışında üstüörtülü də olsa, müəyyən məqamlara toxunuldu. Məni narahat edən ciddi məsələlərdən biri tenderlərin keçirilməsinə nə dərəcədə riayət edilməsi məsələsidir. 2008-ci ildə büdcə təşkilatlarının böyük bir hissəsi tenderlər keçiribdir. Çox hallarda Azərbaycan parlamentinin qəbul etdiyi, respublika Prezidentinin imzaladığı tender haqqında qanunlara ya riayət edilmir, ya da yarımçıq riayət edilir. Mənə elə gəlir ki, bu, Azərbaycanın büdcə sistemindəki şəffaflığın təmin edilməsinə qarşı yönəlmiş bir faktdır və hökumət bununla ciddi məşğul olmalıdır. Məsələn, ayrı-ayrı nazirlik və idarələrdə vəsait birinci kvartalda alınır, dördüncü kvartalda xərclənir. Şübhəsiz ki, bu, maliyyə qanunları baxımından səhvdir və buna da diqqət yetirilməlidir.
Əvvəllər dövlət sifarişləri müəyyən mənada neqativ xarakter daşıyır və maliyyə pozuntularına gətirib çıxarırdısa, 2008-ci ildə Azərbaycanın maliyyə sisteminin, bank sisteminin qorunub saxlanılması baxımından dövlət sifarişləri mütərəqqi xarakter daşıdı. Böhran əlamətləri meydana çıxanda dövlət sifarişlərindən geniş istifadə edilməsi cəmiyyətin, dövlətin və iqtisadiyyatın qorunma yollarından biridir ki, buna da Azərbaycanda riayət edildi. Nə qədər ki böhran var, mənə elə gəlir ki, 2008-ci ildə olduğu kimi, dövlət sifarişlərini genişləndirmək lazımdır.
Burada məndən əvvəl də iri maliyyə vergi ödəyiciləri barədə danışıldı. 9 iri vergi ödəyicisinin dövlət büdcəsinə ödəmələrində kəsirin yaranması artıq kritik xarakter alıb. Mənə elə gəlir ki, Oqtay müəllim, bu məsələnin ciddi şəkildə müzakirə edilməsinə ehtiyac var. Bu, bir növ artıq tendensiya xarakteri alıb.
2008-ci ilin büdcəsinin hesabatı göstərdi ki, maliyyə vəsaitinin daha effektli və daha həssas istifadə edilməsi üçün müəyyən islahatlara ehtiyac var. Bu, əvvəllər də bizim parlament deputatlarının çıxışlarında qeyd olunub. Rayon maliyyə şöbələrinin bilavasitə icra hakimiyyətlərinin nəzarətində olması və bu nəzarətin müəyyən neqativ meyillərə gətirib çıxarması heç kəsdə şübhə oyatmır. Bu barədə hətta hökumət üzvləri dəfələrlə deyiblər. Belə bir şəraitdə regional maliyyə departamentlərinin yaradılmasına, yəni rayon icra hakimiyyətindən asılı olmayan, müvafiq qaydada nazirlikdən asılı olan regional maliyyə departamentinin yaradılmasına böyük ehtiyac vardır. Mən bunu təklif edirəm.
Sahibkarlığa kömək məqsədi ilə 2008-ci büdcə ilində, şübhəsiz ki, müəyyən mütərəqqi addımlar atılıb. Nazirlər Kabinetinin iclaslarında cənab Prezidentin dəfələrlə bu məsələyə toxunması və sahibkarlığın böhranın dağıdıcı təsirindən qorunub saxlanması istiqamətində müvafiq göstərişlər verməsi özəl sektorun qorunub saxlanmasında mütərəqqi rol oynayıb. Amma təəssüf ki, bir sıra nazirliklərdə buna riayət edildiyini demək olmaz. Söhbət 2008-ci büdcə ilindən gedirsə, 2008-ci ilin noyabr ayından başlayaraq, Bakı şəhərində fəaliyyət göstərən bütün orta və xırda biznes strukturlarına Vergilər Nazirliyindən nümayəndələr göndərilmiş və onlardan qeyri-qanuni olaraq dövriyyələrinin 10 faizi həcmində vəsait tələb edilmişdir. Mənim deputat seçildiyim ərazidə otuza yaxın iş adamı bununla bağlı mənə müraciət etmişdir. Vergilər Nazirliyinin onlardan pul tələb etməsini rüşvət də adlandırmaq olar, çünki bu pul dövlət büdcəsinə daxil olmur. Mən dəfələrlə vergilər naziri ilə görüşüb bunu aydınlaşdırmağa cəhd etdim. Təəssüflər olsun ki, bunu aydınlaşdırmaq mümkün olmadı. Sonra apardığım araşdırmalar nəticəsində öyrəndim ki, Bakı şəhərində fəaliyyət göstərən bütün biznes strukturlarından istisnasız olaraq bu vəsait toplanıb. Bəzi sahibkarlar məhkəməyə müraciət edib, bir sıra sahibkar öz biznesini bağlamağa məcbur olub. Mən arzu edirəm ki, növbəti büdcə ilində Vergilər Nazirliyində, digər nazirliklərimizdə belə hallar təkrar olunmasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, hörmətli media mənsubları, xanımlar və cənablar! Əvvəlki illərlə müqayisədə 2008-ci il büdcəsinin icrasının daha geniş müzakirə olunmasını mən yüksək qiymətləndirirəm. Eyni zamanda, onu da qeyd eləmək istəyirəm ki, əvvəlki illərlə müqayisədə 2008-ci ilin büdcəsi ekstremal şəraitdə yerinə yetirilib. Ümumi daxili məhsul proqnoza görə 21 faiz artmalıydı, 11 faiz artıb, sənaye istehsalı 27 faiz artmalıydı, cəmi 6 faiz artıb. Neftin qiyməti ötən ilin ortalarındakı 147 dollardan 40 dollar civarına enib. Belə bir şəraitdə cəmi 11 milyon manat kəsiri olan balanslı büdcənin icra edilməsini, eyni zamanda, qlobal böhranın təsirinin minimuma endirilməsi istiqamətində görülən işləri mən müsbət qiymətləndirirəm.
Hesablama Palatası sədrinin təbirincə desək, qlobal maliyyə böhranının Azərbaycanın iqtisadiyyatına sürtünüb keçməsində Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın böyük rolu olub. Bunu qeyd eləmək lazımdır. Amma hökumət nümayəndələrinin burada olmasından istifadə edərək onu da qeyd eləmək istəyirəm ki, artıq 2009-cu ildə həmin sürtünüb keçmə, gecikmiş formada qlobal böhran Azərbaycana qayıtmaqdadır. Bu özünü neftdən kənar sahədə bir il ərzində istehsalın 16 dəfə aşağı düşməsi və 16 faizdən 1 faiz minusa doğru getmək trayektoriyasında açıq göstərir. Ona görə də bu büdcədə nəzərə çarpan qüsurların obyektiv qüsurlar, ötən ildən qalma qüsurlar və yeni qüsurlar formasında nəzərə çatdırılmasını vacib hesab edirəm və vaxt çatsa, həmin qüsurların aradan qaldırılması üçün bir sıra təkliflər də verəcəyəm.
İlk növbədə onu qeyd etmək istəyirəm ki, 2008-ci ilin büdcəsi təsdiq olunandan sonra 2008-ci il 2 may tarixdə ona yenidən baxılıb və proqnozlar yenidən qurulub. Bu gün bizə təqdim edilən proqnozlarla, məsələn, dövlət xidmətləri xərcləri, elm xərcləri, səhiyyə xərcləri, iqtisadi fəaliyyət xərcləri üzrə olan proqnozlar, yəni 2 mayda təsdiq olunan proqnozlar arasında fərq var və bu fərq bəzilərində xeyli dərəcədədir. Məsələn, iqtisadi fəaliyyət altında verilən rəqəmlərdə 2,2 dəfə fərq var və mən ən əvvəl bu məsələyə aydınlıq gətirilməsini vacib hesab edirəm.
Yaxşı olardı ki, həmin vəsaitlərdən səmərəli istifadə olunaydı. Həmin istiqamətdə fikrimi deyirəm. Məsələn, iki proqnozun fərqinə görə qalıq 4,5 milyon manat yox, 9,5 milyon manatdır. Mən hesab edirəm ki, həmin 9,5 milyon manatın yarısını alimlərimizin maddi təminatının yaxşılaşdırılmasına yönəltmək, elmi tədqiqat institutlarında çalışan elmlər doktorlarına və elmlər namizədlərinə elmi dərəcə üçün verilən vəsaiti dörd dəfə artırmaqla müvafiq olaraq 50 manatdan 200 manata və 30 manatdan 120 manata qaldırmaq olardı. Yarısını isə bilavasitə daha yaxşı işləyən insanlara müqavilə münasibətləri əsasında verməklə elmimizi xeyli dərəcədə inkişaf elətdirmək mümkün idi.
Səhiyyə xərcləri, orada göstərildiyi qədər, 31,5 milyon yox, 49,5 milyon manatdır. Əvvəlki proqnozla müqayisədə bu, 50 milyon dollar edir. Hesab edirəm ki, həmin vəsaiti 2008-ci ilin yanvar ayında qəbul olunmuş səhiyyənin inkişafı və onun maliyyələşdirilməsi istiqamətindəki konsepsiyada çox vacib qoyulan məsələlərin reallaşmasına yönəltmək olardı. Maddi imkanı olmadığına görə ölümə məhkum olan 3–4 min insanı həmin vəsait hesabına həyata qaytarmaq olar. Hərəsinə 8–10 min dollar kifayətdir ki, həmin insanların müalicəsi başa çatsın və o insanlar həyata qayıtsın. Bu da, hesab edirəm ki, ciddi məsələdir. İqtisadi fəaliyyətlə bağlı rəqəmlərdə 2,2 dəfə fərqin olması o deməkdir ki, Azərbaycan büdcəsinin istehsal sektoru ilə əlaqəsi həddən artıq zəifdir. İndiki böhran dövründə mütləq bunu aradan qaldırmaq lazımdır.
Toxunmaq istədiyim ikinci məsələ bilavasitə büdcəyə olan borclardır. Büdcəyə olan borclar 4,2 milyard manata çatmışdır ki, bu da Vergilər Nazirliyi xətti ilə büdcəyə daxil olan vəsaitin 73 faizi, təqribən dörddə üç hissəsi qədərdir. Burada 9 iri dövlət vergi ödəyicisinin vergi borcları haqqında dedilər, amma xüsusi mülkiyyətə daxil olan müəssisələrin vergi borcları yaddan çıxdı. Xüsusi mülkiyyətə daxil olan müəssisələrin vergi borcları 9 vergi ödəyicisinin vergi borcundan təqribən üç dəfə artıqdır, yəni 3 milyard manatı ötür və bu borclar getdikcə artır. Bir rəqəmi qeyd eləyim. Əgər bizdə xüsusi mülkiyyət 85 faizdirsə, xüsusi mülkiyyətə daxil olan müəssisələrin ödədiyi vergi 25 faiz səviyyəsindədir. Bu açıq-aydın göstərir ki, burada nə qədər ehtiyat var. Qabaqlar bu istiqamətdə Vergilər Nazirliyinə irad tuturdum, amma bu dəfə tutmuram. Bunun dərin kökləri var. Bu köklər aşkarlanmalı və həmin vəsaitlərin büdcəyə daxil olması istiqamətində səylər göstərilməlidir. Çünki bunlar büdcəyə daxil olmadıqca Dövlət Neft Fondundan ayrılan vəsait artır. 2007-ci ildə Dövlət Neft Fondundan cəmi 7 faiz, 2008-ci ildə 35 faiz vəsait ayrılmışdır. 2009-cu ildə isə ən azı 40 faiz ayrılacaq ki, bu da bir müddətdən sonra Dövlət Neft Fondunun vəsaitinin əriməsinə gətirib çıxara bilər. Buna diqqət eləməyi vacib hesab edirəm.
Toxunmaq istədiyim məsələlərdən biri də bilavasitə Azərbaycan büdcəsi ilə bağlı sosial xarakterli bir sıra öhdəliklərin vaxtında yerinə yetirilməsi məsələsidir. Yəni söhbət ondan gedir ki, ötən ilin büdcəsində də fiziki şəxslərdən gəlir vergisinin 21 faiz kəsirlə həll olunması əmək haqlarının vaxtından gec artırılmasında müəyyən rol oynayıb. Ona görə də hesab edirəm ki, növbəti ildə müəllimlərin, həkimlərin, elm sahəsində çalışanların, incəsənət sahəsində çalışanların əmək haqları vaxtında artırılmalıdır ki, hökumət sosial öhdəliklərin yerinə yetirilməsi istiqamətində addım atsın.
Vacib hesab elədiyim daha bir məsələ vergi yükünün optimallaşdırılması ilə yanaşı, vergi yığımının da artırılması istiqamətində addımların atılmasıdır. Mən kölgə iqtisadiyyatının leqallaşdırılmasını bu sahədə böyük ehtiyatlardan istifadə edilməsi, vergi bazasının genişləndirilməsi istiqamətində vacib addımlardan biri hesab edirəm.
Büdcə vəsaitindən istifadənin səmərəliliyinin artırılması iki amildən asılıdır. Birinci, ciddi qənaət rejimi təmin olunmalıdır. Ona görə ki, 2009-cu ildə böhranın Azərbaycana təsiri getdikcə güclənir. Mütləq ciddi qənaət rejiminə əməl etmək lazımdır. İkincisi isə, həm mərkəzləşdirilmiş büdcə vəsaitinin, həm də yerlərdə olan büdcə vəsaitinin xərclənməsinə nəzarətin gücləndirilməsi istiqamətində addımlar atılmalıdır. Maliyyə Nazirliyində bu istiqamətdə yeni strukturların yaradılması, məncə, irəliyə doğru ciddi addımdır. Hesab edirəm ki, bu həmin problemin həllində ciddi rol oynayacaqdır.
Mən bir məsələni də xüsusi qeyd eləmək istəyirəm. Azərbaycana xarici investisiyaların qoyulması getdikcə azalır. Rəqəmlərdən də göründüyü kimi, əsas investisiya daxili investisiyadır. Bu şərait uzun müddət davam edəndə problem yaradacaq. Ona görə mən burada bir neçə dəfə qaldırdığım məsələni bir də qaldırıram. Əlavə vəsait cəlb eləmək üçün Azərbaycanda kapitala amnistiya vermək lazımdır. Əgər bu problem həll olunmasa, bir müddətdən sonra həmin vəsaitin harada itib-batması bilinməyəcək. Həmin vəsaitlərin Azərbaycana gətirilməsi, savab işlərə xərclənməsi və Azərbaycanın real sektorunun inkişaf etdirilməsinə yönəldilməsi çox vacibdir. Mən, demək olar ki, hər iki aydan bir bu məsələni qaldırıram. Bu çox vacib məsələdir. Bu, Azərbaycan iqtisadiyyatının inkişafına əlavə maliyyə vəsaitinin cəlb edilməsi və istehsalın sürətlə inkişaf etdirilməsinə...
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bu gün yaz sessiyasının son iclasıdır. Ona görə xahiş edirəm, günün ikinci yarısında çıxışa yazılanlar çıxışlarını konkretləşdirsinlər. Bizim hələ 3 saatımız var. Ona görə deyirəm, hərə öz çıxışını dəqiqləşdirsin. Günün ikinci yarısında bunu səsə qoyarıq. Fasilə elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşəsiniz. İclası davam etdiririk. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, hörmətli Azərbaycan Respublikası hökumətinin üzvləri! Bu gün bizim müzakirəmizə təqdim olunan Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi barədə həm hökumət üzvləri, həm də millət vəkilləri xeyli fikirlər səsləndirdilər. Həm İqtisadi siyasət komitəsinin sədri, həm də hörmətli maliyyə naziri və Hesablama Palatasının rəhbəri bununla bağlı ətraflı məlumatlar verdilər. Çox səriştəli şəkildə hazırlanıb bizə təqdim olunan sənəddə də 2008-ci il dövlət büdcəsinin icrası ilə bağlı, demək olar ki, bütün məsələlər öz əksini tapıbdır. Burada aydın olmayan bir məsələ yoxdur. Biz büdcəni qəbul etmişik, hökumət bunun icrasını həyata keçirib və uğurla həyata keçiribdir.
Bu gün dünya iqtisadiyyatı bizdən asılı olmayaraq vaxtaşırı böhrana məruz qalır. Hələlik bunun əleyhinə vahid bir konsepsiya işlənib hazırlanmayıb və bu cür böhranlar yenə olacaq. Amma əvvəlki illərdə olan böhranlardan nəticə çıxararaq, böhranın qarşısını almaq üçün ayrı-ayrı ölkələrdə müxtəlif tədbirlər görülübdür. Azərbaycanda dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatına təsirini zəiflətmək üçün əsaslı addımlar atılıbdır. Bu iqtisadi böhran dövründə iqtisadiyyatımız və həyatımızda ciddi dəyişikliklərin olmaması, o cümlədən sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, bütün çətinliklərə baxmayaraq, hökumətin sosial yönümlü siyasəti davam etdirməsi böhrana qarşı hazırladığımız planların, gördüyümüz tədbirlərin doğru olduğunu bir daha təsdiq etmişdir.
Təbii ki, dünya iqtisadi böhranı istər-istəməz Azərbaycana da müəyyən təsir göstərir və göstərməlidir. Çünki Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatı ilə bağlıdır. Eyni zamanda, dünyanın bir sıra aparıcı şirkətləri Azərbaycanda fəaliyyət göstərir və onların iqtisadi həyatında baş verən bu və ya digər dəyişikliklər bizim ölkəmizə də təsir edir. Amma ümumilikdə götürdükdə, hamımız bu fikirdəyik və bizə təqdim olunan sənədlər də, ölkəmizdə baş verən hadisələr də, iqtisadi həyatımızda gedən proses də onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatında baş verən mənfi dəyişikliklərə cavab verməyə qadir olubdur.
Mən burada artıq səsləndirilmiş bəzi məqamlara bir daha qayıtmaq istəyirəm. 2008-ci ildə Azərbaycanda dövlətin həyata keçirdiyi iqtisadi siyasət, eyni zamanda, əmək haqlarının artımı prosesi davam edibdir. Ən başlıca elementlərdən biri Azərbaycan manatının məzənnəsinin saxlanılması olubdur. Ətrafımıza nəzər salsaq, ayrı-ayrı ölkələrin valyutalarının xeyli dərəcədə qiymətdən düşdüyünü görə bilərik. Amma Azərbaycanda biz bunu müşahidə etmədik.
Azərbaycan iqtisadiyyatının üstün göstəricilərini başqa bir istiqamətdən də təhlil etmək mümkündür. Bu gün Azərbaycanda böyük iqtisadi layihələr uğurla həyata keçirilir. İnfrastrukturun yaradılması, yolların çəkilməsi, turizmin inkişafı, ekologiya ilə bağlı layihələr geniş şəkildə həyata keçirilməkdədir. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı proqramı da uğurla həyata keçirilir və biz bu uğurlu davamı ayrı-ayrı yerlərdə daha aydın şəkildə müşahidə etməkdəyik.
Mən hesab edirəm ki, bu gün Azərbaycan iqtisadiyyatında bu və ya digər nöqsanları axtarmağa cəhd edənlər regionlarda gedən prosesi diqqətlə izləməlidirlər. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gəncəyə, Göy göl, Şəmkir və Gədəbəy rayonlarına səfərlər etdi və həmin səfərlərdə biz cənab Prezidentin ayrı-ayrı sosial-iqtisadi xarakterli obyektlərin açılışında iştirak etdiyini gördük, eyni zamanda, bu rayonlarda yaradılmış infrastrukturla həm televiziya vasitəsilə, həm də əyani şəkildə tanış ola bildik. Cənab Prezidentin Şəmkir səfərində mən də iştirak edirdim. Orada sosial-iqtisadi xarakterli obyektlərin açılışında yaşanan fərəh və sevinci şəxsən müşahidə edə bildim. Təbii ki, Şəmkir seçicilərini Milli Məclisdə təmsil edən bir şəxs olaraq bu prosesi əvvəlcədən də müşahidə edir, onları daim görə bilirdim.
Bir faktı qeyd eləmək istəyirəm. Bilirsiniz ki, Şəmkir çayı üzərində böyük bir su anbarının tikintisi həyata keçirilməkdədir. Bu çox mühüm bir layihədir. Burada həm də elektrik enerjisi istehsal ediləcəkdir. İqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti həmin tikintini bir gün belə dayandırmayıbdır. Rayonda aparılan quruculuq, abadlıq işləri uğurla davam etdirilib, sosial müavinətlərin, pensiyaların ödənilməsi və sair dayandırılmayıbdır. Əlbəttə, bütün bunlar hökumətin, ayrı-ayrı nazirliklərin müsbət fəaliyyətinin nəticəsidir.
Burada bir məqamı da qeyd etmək istəyirəm. Bəzi tənqidi fikirlər səsləndirildi. Belə bir fikir səsləndirildi ki, Vergilər Nazirliyi ayrı-ayrı yerlərdə sahibkarlardan vergi ilə bağlı guya qanunsuzluqlara yol veribdir. Əvvəla, bunlar fakt deyildir, sadəcə, sözlərdir. Digər tərəfdən, hamımız bilirik ki, dünyada vergi toplanması, vergi siyasəti ən ciddi məsələlərdən biridir. İstənilən inkişaf etmiş ölkəni götürsək, burada ən başlıca diqqət yetirilən məsələlərdən biri vergi siyasətidir və vergi məsələsidir. Vergilər Nazirliyi əgər vergi toplanması ilə bağlı ciddi addımlar atırsa, biz də büdcənin dolmasına tərəfdar olan millət vəkili olaraq heç vaxt bunun əleyhinə getməməliyik.
Vergidən yayınmanın qarşısı mütləq alınmalıdır. Dünyada bu bir problemdir və Azərbaycanda da vergidən yayınmanın qarşısını almaq üçün Vergilər Nazirliyi xüsusi metod işləyib hazırlayıbdır. Bu nazirliyin fəaliyyəti şəffafdır. Hamımız internet vasitəsilə bu nazirliyin saytına daxil olsaq, görərik ki, vergini internet vasitəsilə ödəmək imkanı var, vahid pəncərə sistemi tətbiq olunubdur, cənab Prezidentin müxtəlif sərəncamları uğurla həyata keçirilir.
MDB məkanında vergi siyasəti, vergi toplama qaydaları ilə bağlı ən mütərəqqi metodlar Azərbaycanda tətbiq olunubdur. Ona görə də mən düşünürəm ki, biz millət vəkili olaraq nazirliklərimizə kömək etməliyik. Sabah büdcədə kəsir yaransa, problem yaransa, biz bu nazirliklərin üzərinə gedəcəyik, deyəcəyik ki, siz niyə bunları etməmisiniz, büdcədə niyə kəsir yaranır və sair. Biz görürük ki, bu gün maliyyə, pul-kredit siyasəti, vergi siyasəti düzgün aparılır. Mən düşünürəm ki, bütün bunların fonunda biz haqsız çıxışlara yol verməməliyik.
Bir fikrimi də demək istəyirəm. Azərbaycanda turizmin inkişafına böyük diqqət yetirilir, böyük layihələr var. Turizmin inkişaf etdirilməsi üçün yollar çəkilir, müxtəlif layihələr həyata keçirilir. Zaqatalada, Lənkəranda yeni aeroportlar tikilib, Gəncənin aeroportu yenidən qurulub. Amma çox təəssüf ki, həmin ərazilərə uçuş qiymətləri baha olduğundan kütləvi gediş-gəliş təmin edilməyibdir. Mən hesab edirəm ki, müvafiq qurumlar buna diqqət yetirməli, Tarif Şurası bu qiymətlərə yenidən baxmalıdır. Yaxşı olardı ki, Bakı–Gəncə, Naxçıvan–Gəncə, Naxçıvan–Zaqatala marşrutlarında uçuşlar intensiv xarakter alsın. Bu həm daxili turizmin inkişafı, həm də bu bölgələrə digər ölkələrdən gələn turistlərin səfər etməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, bu, Bakıya axının və Bakının nəqliyyat infrastrukturunun yüklənməsinin qarşısını almağa yönələn bir addım olardı. Çox təəssüf ki, hazırda bəzi aeroportlara uçuşlar baş vermir. Təbii ki, bu, iqtisadi məsələlərlə bağlıdır. Lakin bu, ciddi məsələdir və buna diqqət yetirilməsi zəruridir.
Mən hesab edirəm ki, Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi layiqincə və lazımi səviyyədə icra olunubdur. Burada proqnoz dəyişiklikləri də məntiqə və iqtisadi qanunlara uyğundur. Mən hökumətin üzvlərinə bu yolda uğurlar arzulayır və bütün millət vəkillərini həmin qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ ol. Beş dəqiqəyə keçmək fikri yoxdur? Mən hesab edirəm ki, saat 5-ə qədər biz işimizi qurtarmalıyıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqəyə keçək. İndi mən də xahiş edirəm ki, yığcam edək, elə 5 dəqiqə. Yoxsa, Pənaha heç söz çatmayacaq. Əlini qaldırıb yox deyir. İqbal Ağazadə. Xahiş edirəm, İqbal müəllim, 5 dəqiqəyə yekunlaşdırın.
İ.Ağazadə. Sağ olun. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən hörmətli məruzəçilərin çıxışlarına diqqətlə qulaq asdım. İstər İqtisadi siyasət komitə sədrinin, istərsə də hörmətli maliyyə nazirinin çıxışına və rəqəmlərə baxanda məntiq belə alınır ki, Azərbaycanda, doğrudan da, 2007-ci ildə dövlət büdcəsinin gəlir hissəsi 6 milyard, 2008-ci ildə 10 milyard olub və kifayət qədər böyük fərqlər var. Təbii ki, rəqəmlərin dili ilə baxanda bu çox böyük inkişaf deməkdir. Amma gəlin məsələnin mahiyyətinə varaq. Təxminən 4 milyardlıq bu artım, doğrudanmı, hökumətin fəaliyyətinin nəticəsi olaraq ortaya çıxıb və doğrudanmı, bu fəaliyyət büdcənin formalaşmasında ciddi nəticə verib?
İlk növbədə Dövlət Neft Fondundan daxilolmaların rəqəmləri məni düşündürdü. İstərdim ki, hörmətli hökumət nümayəndələri bu rəqəmə ciddi diqqət etsinlər. 2007-ci ildə Dövlət Neft Fondundan daxilolmaların miqdarı 585 milyon manat, 2008-ci ildə 3 milyard 800 milyon manat olub və faktiki olaraq, 2007-ci ilin dövlət büdcəsi ilə 2008-ci il dövlət büdcəsinin gəlir hissəsində yaranan 4 milyarddan bir qədər artıq fərq faktiki olaraq Dövlət Neft Fondundan daxilolmaların hesabına formalaşıb. Əgər bunu faizlə ifadə eləsəm, 2007-ci ilə nəzərən 2008-ci ildə Dövlət Neft Fondundan daxilolma 649,6 faiz artıq olub. Bu, inkişaf deyil. Bu, sadəcə olaraq, Allahın Azərbaycana verdiyi neftin satılmasından Dövlət Neft Fonduna daxil olan vəsaiti bu hökumətin xərcləməsidir. Sual olunur, neftin qiymətini Azərbaycan hökumətimi müəyyən edir, beynəlxalq bazarda neftin qiymətini Azərbaycan hökumətimi tənzimləyir? Yox, 2008-ci ildə satılan neft məhsullarının qiymətini, təbii ki, bu gün beynəlxalq bazarda Azərbaycan hökuməti heç nə ilə tənzim edə bilməz.
Maraqlı hallardan biri də budur ki, dövlət büdcəsinə Dövlət Neft Fondundan daxilolmaların miqdarı azalmaq əvəzinə getdikcə artır. 2009-cu ildə Dövlət Neft Fondundan büdcəyə daxilolmaların miqdarı 5 milyarda yaxın, təxminən 4 milyard 900 milyondur. Əgər 2007-ci ildə Dövlət Neft Fondundan daxilolmaların faizlə göstəricisi 9 faiz və 2008-ci ildə 24 faiz olubsa, 2009-cu ildə 42 faizdir. Mən qorxuram ki, gələn ilin dövlət büdcəsində Dövlət Neft Fondundan daxilolmalar artıq 60 faiz təşkil edə. Əgər bu artım bu şəkildə davam edəcəksə, Azərbaycan tək sektorlu iqtisadi strukturların üzərində oturub, nəticə etibarilə mayadan yeyən ölkəyə çevriləcək və çox qısa bir zamanda onu iqtisadi iflasa sürükləyən bir siyasətin qurbanı olacaq. Bu, inkişaf deyil.
Burada regionların inkişafından ciddi şəkildə danışıldı. Diqqət edin, görün 2007-ci ildə dövlət büdcəsindən regionların saxlanılması üçün büdcədən ayrılan dotasiyanın miqdarı 2008-ci ildə nə qədər, 2009-cu ildə nə qədər artırılıb. Əgər regionlarda bu qədər inkişaf varsa və yerlərdə iqtisadi strukturlar bu qədər inkişaf etdirilir, iş yerləri açılırsa, nədən ötrü mərkəzdən ayrılan dotasiyaların miqdarı bu qədər artır? Çox təəssüflər olsun ki, hökumət bu sualların heç birinə cavab vermir.
Deyirsiniz, Dövlət Neft Fondundan ayrılan rəqəmlər hesabına filan sahəyə filan qədər pul ayırdıq, filan sahədə filan qədər tikinti işləri getdi, filan oldu. Bəs sonra, 3 ildən sonra həmin tikinti strukturları yenidən dövlət büdcəsindən dotasiya istəməyəcəkmi? Yoxsa, Beynəlxalq Valyuta Fondu ilə, beynəlxalq birjalarla, neft sektorları ilə bizim bir müqaviləmiz var ki, Azərbaycanın xatirinə neft elə bu şəkildə qiymətini qaldıra-qaldıra gedəcək? Diqqət edin, 2009-cu ilin büdcəsində neftin qiymətini 70 dollar müəyyən etmişik. Hələ indi-indi 60 dollara qalxmaq istəyir və yaxud bu rəqəmlər üzərində oynayır. Amma 3 ay ərzində 45 dollardan yuxarı qalxmadı. Sabah necə olacaq, həyata keçirdiyimiz həmin layihələr, çəkdiyimiz həmin yollar sabah yenidən dotasiya istəməyəcəkmi? Əgər bu gün Dövlət Neft Fondunun hesabına bunları ediriksə, sabah nəyin hesabına edəcəyik?
Sədrlik edən. Bir dəqiqəyə yekunlaşdır, xahiş edirəm.
İ. Ağazadə. Heç kəs iddia etməsin ki, bütün bunların hamısı sabah bu və ya digər şəkildə dotasiya istəməyəcək. Ayrı-ayrı layihələrin adını çəkmək istəmirəm. Amma hökumət diqqət etsin ki, son illərdə həyata keçirdiyi layihələrin neçəsinə təkrarən qayıdıb.
Mən çıxışımı Mübariz müəllimin aeroportlarla bağlı, uçuş qiymətlərinin aşağı salınması ilə bağlı fikri ilə tamamlamaq istəyirəm. Mən burada bir dəfə demişdim ki, Gəncədə, Lənkəranda, Zaqatalada beynəlxalq hava limanlarının açılışı Azərbaycan infrastrukturunun yeniləşməsi və ya turizmin inkişafı üçün əsaslı göstərici deyil. Məsələyə bu şəkildə yox, başqa şəkildə yanaşmaq lazım idi. Orada yaşayan insanların özünün həyat şəraitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı infrastrukturun yaradılmasını sifariş verməli idi. Təəssüflər olsun ki, hər şey belə tərsinə baş verir. Ona görə də mən hesab edirəm ki, 2008-ci il büdcəsinin icrası burada deyilən səviyyədə deyil və mən...
Sədrlik edən. Çox sağ olun. Mən inanmırdım ki, lehinə olasınız, əleyhinə olacaqdınız. Amma neftin qiyməti büdcədə 50 dollar, dünya bazarında 100 dollar olanda bu, yada düşmürdü. Qiymət 6 ay aşağı düşüb, onu deyirsiniz. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Büdcənin yerinə yetirilməsi həmişə çətin vəzifə olub. Heç zaman büdcəni asan yerinə yetirmək mümkün olmayıbdır. Amma 2008-ci ildə dünyanın bütün ölkələrini iqtisadi və maliyyə böhranı bürüdüyü bir zamanda Azərbaycanın 2008-ci il dövlət büdcəsinin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi, mən belə hesab edirəm ki, xüsusi bir hadisə kimi qiymətləndirilməlidir. 2008-ci ilin nəzərdə tutulan bütün iqtisadi və sosial layihələri və bu iqtisadi və sosial layihələrin həyata keçirilməsi üçün qəbul olunmuş büdcə, demək olar ki, bütün göstəricilər üzrə yerinə yetirilibdir.
Mən düşünürəm ki, 2008-ci ilin çətin şəraitində Azərbaycan hökuməti iki başlıca vəzifəni layiqincə yerinə yetirib – dünyanı bürümüş iqtisadi və maliyyə böhranının Azərbaycan iqtisadiyyatına və Azərbaycan vətəndaşlarının həyatına təsirini minimuma endirib. Mən Azərbaycanın milli valyutasının məzənnəsinin saxlanılması istiqamətində həyata keçirilən məqsədyönlü işləri də yüksək qiymətləndirirəm. Düşünürəm ki, əgər kütləvi informasiya vasitələrinin reallığı əks etdirən xəbərləri olmasa idi, yəqin ki, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi, bəlkə də əksəriyyəti dünyada maliyyə böhranının, iqtisadi böhranın olduğundan xəbər tutmazdı. Mən hesab edirəm ki, biz Azərbaycan hökumətinin 2008-ci ildə fəaliyyətinə bu meyarlarla qiymət verməliyik.
Məndən əvvəlki çıxışda səsləndirilən bəzi fikirlərə münasibətimi bildirmək istərdim. Təəssüf ki, vaxt az olduğundan fikirlərimi ətraflı çatdıra bilməyəcəyəm. Neftin qiymətinin qalxması, əlbəttə, Azərbaycanın həyata keçirdiyi siyasət deyil. Amma Azərbaycanın zəngin neft ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsi Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət və onun nəticəsidir. Bunu birmənalı şəkildə etiraf etmək lazımdır. Digər tərəfdən, əgər Azərbaycan zəngin təbii ehtiyatlarından ağılla, məntiqlə, özünün milli və dövlət mənafelərinə uyğun şəkildə istifadə edirsə, buna ancaq sevinmək və bunu bacardığına görə Azərbaycan hökumətinə təşəkkür etmək lazımdır.
Neftin satılmasından əldə edilən vəsaitdən milli və dövlət maraqları üçün məqsədəuyğun şəkildə istifadə olunur. Bilirsiniz ki, Dövlət Neft Fondundan ayrılan vəsait, əsasən, infrastruktur layihələrinin həyata keçirilməsinə xərclənir. Əgər bu vəsait çox olacaqsa, daha çox infrastruktur layihələri həyata keçiriləcək. Yox, əgər neftin qiyməti dünya bazarında aşağı düşəcəksə, yəqin ki, infrastruktur layihələri də ona uyğun həyata keçiriləcək. Hər halda bunun faydasını Azərbaycanın bugünkü nəsli də görür, gələcək nəsli də görəcəkdir.
Mən hesab edirəm ki, Azərbaycanın 2008-ci il büdcəsi Azərbaycan hökumətinin 2008-ci ildə çox səmərəli fəaliyyət göstərdiyini sübuta yetirir və buna görə başda Prezident olmaqla Azərbaycan hökumətinə ancaq...
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri və hökumət üzvləri! Məndən öncə çıxış edən həmkarlarım 2008-ci il dövlət büdcəsinin icrası və ötən ilin uğurları barədə ətraflı danışdılar. Tənqidi fikirlər də oldu. Bu faktdır ki, son illər, o cümlədən də 2008-ci ildə artan büdcə imkanları sayəsində istər paytaxtımızda, istərsə də regionlarda kifayət qədər işlər görülüb. Dəyişiklik, inkişaf, irəliləyiş göz önündədir. Bu inkişaf təqdir olunmalıdır və təqdir olunur. Sadəcə, mən bəzi məsələlərə aydınlıq gətirilməsini istərdim. Amma cənab Sədr, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri burada iştirak etmədiyinə görə, açığı, mən cavab almaq istədiyim sualları kimə ünvanlayacağımı bilmirəm. Amma çox istərdim ki, bəzi məsələlərə aydınlıq gətirək.
Ötən illərdə, o cümlədən 2008-ci ildə bir sıra regionlarımızda xeyli sayda məktəb binası ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir olunubdur. Mən elə rayonların adlarını çəkə bilərəm ki, həmin rayonlarda 45-50, ən azı 25-30 yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Mən bilmək istərdim ki, dövlət proqramında bu məsələlərə yer ayrılarkən hansı prinsip əsas götürülür, yəni rayonlar arasında bölgü necə aparılır. Bunu nəyə görə soruşuram? Ona görə soruşuram ki, dəfələrlə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinə həm yazılı, həm də şifahi müraciətlər etmişəm. Amma çox təəssüf ki, qənaətbəxş bir cavab ala bilməmişəm. Mənim təmsil etdiyim Tərtər rayonunda 2005-ci ildən bu günə qədər bir məktəb binası belə nə təmir olunub, nə də yenidən tikilib. Yalnız 2006-cı ildə Heydər Əliyev Fondunun xətti ilə 2 məktəb əsaslı təmir olunub, vəssalam. Bizim rayonumuzda çox ağır vəziyyətdə, problemli vəziyyətdə olan məktəblər var. Çox istərdim ki, heç olmasa, 2009-cu ilin dövlət proqramına problemli məktəblərin də siyahısı daxil edilsin.
Təbii qaz çəkilişi sahəsində də çox ciddi problemlər mövcuddur. Mən yenə də statistikanı diqqətinizə çatdırmaq istəyirəm. Bizim Tərtər rayonu ilə qonşu olan Goranboy və Bərdə rayonlarında vəziyyət tamam başqa cürdür. Bir il ərzində Goranboyda 37, Bərdə rayonunda isə 10 kəndə təbii qaz çəkilibdir. Amma Tərtər rayonunda bir kəndə belə qaz çəkilməyib. Mən bilmək istərdim ki, bölgü aparılarkən hansı məsələlər əsas götürülür və rayonlar arasında niyə bu qədər ciddi fərqlər mövcuddur. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aynur xanım, biz indi 2008-ci il büdcəsinin icrasını müzakirə edirik. O ki qaldı proqrama, Nazirlər Kabineti Sizin dediyiniz məsələləri 104 rayonda birdən-birə həll edə bilməz axı. Proqramla gedirlər. Yəqin, gələn il də növbə Tərtər rayonuna çatacaq. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Milli Məclisin deputatları! Mən bir neçə məsələni qeyd etmək istəyirəm. Birincisi elə təqdim olunan layihənin özü ilə bağlı məsələdir. Bunun strukturunda bir dəyişiklik aparmalı, onu getdikcə təkmilləşdirməliyik. Düzdür, hesabatda illər arasında müqayisələr aparılıb, amma strukturlar arasında da müqayisələr aparılmalıdır. Kim yaxşı işləyib, onu tərifləyək, kim pis işləyib, onun haqqında fikirlərimizi söyləyək. Yəni dediyim odur ki, bu qanun layihəsinin təqdim olunmasının təkmilləşdirilməsinə böyük ehtiyac var.
İkincisi, Hesablama Palatasının rəyi ilə bağlı fikrimi söyləmək istəyirəm. Həmişə işləyirlər, fəaliyyət göstərirlər, yaxşı rəylər verirlər. Amma bu rəydə də əsaslı şəkildə müxtəlif sahələr öz əksini tapmayıb. Tutaq ki, bir struktur haqqında 32 səhifə veriblər, başqa bir struktur haqqında isə səhifə yarım. 32-ci səhifədən 61-ci səhifəyə qədər bir sahəni əhatə edir, ondan sonrakı sahə haqqında isə ondan iki dəfə az məlumat verilir. Yəni bütövlükdə büdcənin icrası ilə bağlı olan məsələlərə rəy verilməlidir. Bu rəydə ayrı-ayrı strukturların hansısa çox, hansısa az işıqlandırılmamalıdır. Gələcəkdə bu məsələyə də diqqət yetirilsə, daha düzgün olar. Hesablama Palatasının rəyində hər bir strukturun fəaliyyətinə qiymət verilməlidir. Kim yaxşı işləyibsə, dövlət büdcəsinin icrasında hansı fəaliyyəti olubsa, onun fəaliyyəti qiymətləndirilməlidir. Kim işləməyibsə, – istər rayon icra hakimiyyətinin başçısı olsun, istər nazir olsun, sahə rəhbəri olsun, – o da göstərilməlidir ki, Milli Məclis bunu təsdiq edəndə hər bir insanın xidmətini və ya fəaliyyətsizliyini burada görsün və qiymətləndirsin.
Mən İqbal Ağazadənin çıxışı ilə bağlı bir fikrimi bildirmək istəyirəm. Hər bir insan orta məktəbdə oxuyanda riyaziyyat fənni keçir, az da olsa, hesablamaları dərk edir. 2007-ci ilin dövlət büdcəsində neftin hər bareli üçün qiymət 50 dollar, 2008-ci ildə 70 dollar müəyyənləşdirilmişdi. Təbii ki, 20 dollar fərq edir. Bu fərq də büdcədə özünü göstərməlidir. Büdcə 2007-ci ildə 7 milyard manat idisə, 2008-ci ildə 11-12 milyard manat idi. Burada da ayırmaların fərqi əvvəlkindən daha artıq olmalıdır. Yaxud da neft istehsalı 2007-ci ildə bizdə bir rəqəm idi, 2008-ci ildə artıb, başqa rəqəm oldu. Buna görə də faizlər dəyişir. Nə edək, büdcəyə daxil etməyək? Bunları haradasa qoruyaq saxlayaq, sandığa yığaq? Bu, büdcəyə daxil olunur, büdcədən də tikintiyə, quruculuğa, abadlığa sərf olunur. 2008-ci ildə Dövlət Neft Fondunun hesabına neçə-neçə xəstəxana, məktəb, qaçqın şəhərciyi tikilib, Azərbaycanda çadır şəhərcikləri ləğv olunub. 2008-ci ildə bunun hesabına yollar çəkilib, körpülər tikilib, yeni infrastruktur yaranıb. Bu pulu Dövlət Neft Fondunda yığıb saxlamağın nə mənası var? Bu, xalqın sərvətidir, xalqın rifah halının yaxşılaşdırılması üçün sərf olunan vəsaitdir. Bu vəsait mərhələ-mərhələ sərf olunmalı, infrastrukturun yaradılması ilə bağlı geniş işlər aparılmalı, insanların ixtiyarına verilməlidir.
Dünyada gedən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda həyata keçirilməsinə başlanan heç bir layihənin icrası dayandırılmadı, əksinə, daha geniş şəkildə davam etdirildi. Bu da Azərbaycan Prezidentinin Azərbaycan iqtisadiyyatında apardığı islahatların nəticəsidir. Azərbaycanda özəl sektorun qorunmasının və bütün dövlət strukturlarının bir yerdə dövlətin, xalqın, millətin mənafeyinə xidmət etməsinin nəticəsidir.
2008-ci il Azərbaycanda çox uğurlu il olubdur. Onun nəticəsi olaraq 2008-ci ildə Azərbaycan xalqı Azərbaycan Prezidentinə yekdilliklə dəstək verib, onu yenidən Prezident seçibdir. Xalq görür və inanır ki, onun Prezidenti millətinə, xalqına, dövlətinə xidmət edir. Ona görə mən də bütün həmkarlarımı 2008-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə səs verməyə çağırıram. Təklif edirəm ki, səsə qoyaq, qəbul edək və bununla da yekunlaşdıraq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən çıxışların hamısına qulaq asıram. İki fikir ortaya çıxır. Biri deyir, qəbul olunmamalıdır, qalanları deyirlər, qəbul olunmalıdır. Ümumiyyətlə, əlimizi ürəyimizin üstünə qoyub danışsaq, deməliyik ki, 2008-ci il Azərbaycan iqtisadiyyatının ən məsuliyyətli ili olub. 2006–2007-ci illərdə bizdə iqtisadi artım 25, 35 faizlə hesablanırdı. 2008-ci ildə məlum iqtisadi böhran bütün ölkələri çətin vəziyyətə saldı. Ancaq buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2008-ci ili 11 faiz artımla başa vurdu. Büdcəni təsdiq edəndə onun proqnozlarını da təsdiq etmişdik. Büdcə proqnozları 102 faiz yerinə yetirildi. Əgər 2007-ci ildə səhiyyəyə, təhsilə büdcə xərcləri 35 faiz idisə, 2008-ci ildə 47 faiz oldu. Hərbi sahəyə büdcədən ayırmalar 2007-ci ildə 32 faiz idisə, 2008-ci ildə 62 faiz oldu. Bütün bu artımlar göz qabağındadır, bizə təqdim olunan hesabatlarda hamısı görünür.
Siyavuş Novruzov çıxışında deyir ki, Hesablama Palatasının hesabatında hər dəfə dövlətin bütün icra strukturlarının bir illik işinin təhlili verilməlidir. Hesablama Palatası bir ildə 15 nazirlik, 15 komitə və digər icra aparatlarının hamısının işinin təhlilini apara bilməz. O öz hesabatında ancaq yoxladığı sahələrin işi haqqında məlumat verir.
Çıxışlarda suallar oldu. Əgər etiraz yoxdursa, hökumət üzvlərinə söz verək, bu suallara cavab versinlər. Mərkəzi Bankın sədri də buradadır. Əvvəlcə Samir müəllim buyursun.
S. Şərifov. Çox sağ olun. Hörmətli cənab Sədr, ilk növbədə mən bütün millət vəkillərinə...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən dedim, Sizə söz vermirəm? Mən dedim, 5-ə kimi qurtarırıq. Xahiş etdim ki, hökumət üzvləri çıxışlarda səsləndirilən suallara cavab versinlər. Biz həmişə belə etmişik. Lazım olanda çıxışlarda suallar da verilir. Üzr istəyirəm, buyurun.
S. Şərifov. İlk növbədə mən müzakirələrdə çıxış etmiş bütün millət vəkillərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar tərəfindən səsləndirilmiş fikirlər, iradlar, təkliflər bizim üçün faydalıdır. Həm Maliyyə Nazirliyi, həm də müzakirələrdə iştirak edən digər hökumət qurumları bunları təhlil edib öz işlərində müvafiq dəyişikliklər edəcəklər. Burada konstruktiv təkliflərlə yanaşı, bir sıra suallar verilmişdir. Çıxışlarda müəyyən ittihamlar da irəli sürülmüşdür ki, bunları heç cür qəbul etmək mümkün deyil. Mən onlara münasibətimi bildirmək istəyirəm.
Burada dövlət büdcəsinin icrası zamanı guya “Büdcə sistemi haqqında” Qanunun hansısa maddələrinin pozulması barədə fikirlər irəli sürüldü. Bunlar əsassız fikirlərdir. Burada belə bir fikir səsləndi ki, büdcə təsdiq olunanda Dövlət Büdcəsinin Ehtiyat Fondunda bir məbləğ göstərilmişdi, icra zamanı isə tamamilə başqa rəqəm göstərilib. Milli Məclisə təqdim olunmuş hesabatın 2.2.5.2-ci bəndində 2008-ci ildə Dövlət Büdcəsinin Ehtiyat Fondu üzrə xərclərin icrası haqqında ətraflı məlumat verilmişdir.
Bir sıra xərc maddələri arasında dəyişikliklərlə bağlı aşağıdakıları demək istərdim. “Büdcə sistemi haqqında” Qanunun 18.4-cü maddəsinə müvafiq olaraq büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların təklifi əsasında təsdiq olunmuş büdcə ayırmaları xəttində funksional təsnifat bölmələri, iqtisadi təsnifat bölmələri, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələri arasında yerdəyişmələr aparıla bilər. “Büdcə sistemi haqqında” Qanunun müvafiq maddəsi bununla əlaqədar olaraq hökumətə müvafiq səlahiyyətlər verir. 2008-ci ildə bu istiqamətdə xərclərin 1,6 faizi və ya 272 milyon manat həcmində yerdəyişmələr aparılmışdır. 18.4-cü maddə ilə yalnız bölmə daxilində yerdəyişmələr aparılır.
Bölmələr arasında yerdəyişmələrin aparılması ilə bağlı aşağıdakı məlumatı vermək istəyirəm. “Büdcə sistemi haqqında” Qanunun 19.6-cı maddəsinə müvafiq olaraq, 2008-ci ilin dövlət büdcəsinin icrası prosesində birdəfəlik təminatlar üzrə qənaət olunmuş vəsaitdən 324,6 milyon manat Dövlət Büdcəsinin Ehtiyat Fonduna yönəldilərək dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə sərf edilmişdir. 2008-ci ilin Dövlət Büdcəsinin Ehtiyat Fondu üzrə 120,3 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır. Dövlət büdcəsində bütün yerdəyişmələr “Büdcə sistemi haqqında” Qanuna uyğun edilmişdir. “Büdcə sistemi haqqında” Qanunun 19.6-cı maddəsinin tətbiqi ilə bağlı əlavə cəlb edilən vəsaitlər də nəzərə alınmaqla 2008-ci ilin Dövlət Büdcəsinin Ehtiyat Fondundan dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra tədbirlərin maliyyələşdirilməsinə 438,5 milyon manat yönəldilmişdir. Onu da qeyd etmək istəyirəm ki, “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulub ki, Dövlət Büdcəsinin Ehtiyat Fondunun həcmi büdcə gəlirlərinin 5 faizindən yuxarı olmamalıdır. Yəni 2008-ci ilin dövlət büdcəsi bu müddəa da gözlənilməklə icra olunmuşdur.
Burada qeyd olundu ki, büdcənin gəlirləri, əsasən, neft gəlirlərindən ibarət olub. Bu fikirlə də razılaşmaq istəməzdim. 2007-ci ilin büdcəsinin gəlirlərinin təhlili göstərir ki, bütün sahələrdə gəlirlərin toplanmasında xeyli artımlara imza atılmışdır. İlk növbədə mən qeyri-neft gəlirlərini qeyd etmək istəyirəm. Qeyri-neft gəlirləri 2007-ci ildə 1 milyard 508 milyon manat təşkil edirdisə, artıq 2008-ci ilin dövlət büdcəsinin icrası göstərir ki, qeyri-neft gəlirləri 2 milyard 196 milyon manat təşkil etmiş və ya 2008-ci ildə 2007-ci illə müqayisədə 45,6 faiz artımla icra olunmuşdur. Dövlət Gömrük Komitəsi xətti ilə 2007-ci ildə icra 772 milyon manat idisə, 2008-ci ilin icrası 1 milyard 110 milyon manat təşkil etmişdir. Bu isə 43,8 faiz artım deməkdir. Bu da sübut edir ki, artımlar təkcə neft gəlirlərinə deyil, qeyri-neft gəlirlərinə də aid edilməlidir.
Mən Dövlət Neft Fondundan transferlərin artırılması məsələsinə də aydınlıq gətirmək istərdim. Burada çıxış etmiş bəzi millət vəkilləri qeyd etdilər ki, 2004-cü ildən başlayaraq Azərbaycanda çox dinamik inkişaf proqramları həyata keçirilməkdədir, o cümlədən nəhəng infrastruktur layihələri həyata keçirilir. Bu barədə mən öz çıxışımda və təqdim olunmuş hesabatda da məlumat vermişdim. Təsadüfi deyil ki, 2008-ci ildə də bu layihələrin həyata keçirilməsi üçün neft gəlirləri hesabına daha çox vəsait ayrılmışdır. Söhbət bu vəsaitlərin artımından yox, optimal balansın gözlənilməsindən getməlidir. Dövlət Neft Fondunda toplanıb artırılan bu vəsaitlərin bir hissəsi Azərbaycanın bugünkü ehtiyacları üçün istifadə olunmalıdır. Dövlət Neft Fondunun əsasnaməsində də nəzərdə tutulub ki, o həm bugünkü, həm də gələcək nəsillərin fondudur. Biz Dövlət Neft Fondunun vəsaitlərinin xərclənməsi ilə bu vəsaitlərin əmanət şəklində toplanması arasında tarazlığı saxlaya bilsək, bu bizim iqtisadiyyatımızın inkişafı üçün ən optimal model olacaqdır.
Hörmətli cənab Sədr burada qaldırılan digər məsələlərlə bağlı tamamilə düzgün qeyd etdi ki, onların dövlət büdcəsinin icrasına aidiyyəti yoxdur və onlara gələcəkdə də baxıla bilər. Biz bunları 2010-cu il dövlət büdcəsinin hazırlanması zamanı nəzərə alacağıq. Burada vergi yığımlarının, o cümlədən aksizlərin artırılması ilə bağlı təkliflər irəli sürüldü. Biz yaxın gələcəkdə bunlara daha dəqiq cavablar verə biləcəyik.
Hörmətli millət vəkilləri, mən yekunda bir daha sizi təqdim olunmuş qanun layihəsinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bəzi opponentlərimizin dediklərindən belə çıxır ki, neft gəlirlərindən biz, yaşlı nəsillər istifadə edə bilmərik, yalnız gələcək nəsillər istifadə edə bilərlər. Amma mən düşünürəm ki, biz də azərbaycanlıyıq və biz də Dövlət Neft Fondundan istifadə edən insanlar olmalıyıq. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada məndən yoldaşlarım da xahiş etdilər ki, vaxtdan bir az qənaətlə istifadə edək. Ona görə çalışacağam, yalnız bir neçə konkret məsələni hökumət üzvlərinin nəzərinə çatdırım.
Bu gün Azərbaycanda turizmlə bağlı kifayət qədər böyük işlər görülüb. Bu sahədə bir çox dövlətlərin təcrübəsini və Avropa standartlarını nəzərə alan dövlət siyasəti həyata keçirilsə də, çox təəssüflə demək lazımdır ki, yerlərdə bu dövlət siyasətinin aparılmasına mane olan bir çox məsələlər var. Bu hansı məsələlərdir? Birincisi, bu gün turizm obyektlərinin bir çoxunda qiymətlər həddindən artıq şişirdilmişdir. Bu qiymətlər Türkiyə və digər turizm ölkələrində olan qiymətlərdən xeyli yüksəkdir. Sadəcə olaraq, təyyarə vasitəsi ilə həmin ölkələrə getmək bir qədər baha başa gəlir. İkinci məsələ ondan ibarətdir ki, bu qədər yüksək qiymətlərin qarşılığında həmin obyektlərdə turizm servisi, demək olar ki, sıfır səviyyəsindədir.
Xızı və Şamaxı rayonlarında tikilmiş turizm obyektlərində düzgün olmayan kadr siyasəti həyata keçirilir. Daha çox həmin regionlarda yaşayan insanlardan istifadə etmək, onların yeni peşələrə yiyələnməsini təmin etmək əvəzinə digər regionlardan olan insanların turizm obyektlərinə cəlb olunması prosesi gedir. Beləliklə, həmin region və həmin rayonlar üçün də əlavə problemlər yaranır. Mənə belə gəlir ki, Dövlət Neft Şirkətinin müsbət praktikasını nəzərə alaraq turizm sahəsi üçün ixtisaslı kadrlar yetişdirən texniki peşə məktəblərinin açılması və yaşlıların yeni peşə öyrənməsi üçün kursların təşkili vəziyyətdən çıxış yolu olardı.
Deyəcəyim növbəti məsələ Azərbaycanda yaşayan hər bir ailə ilə bağlı məsələdir. Bu məsələni biz artıq neçə ildir deyirik. Amma onun həlli nə üçünsə çox ciddi şəkildə yubadılır. Bu, səhiyyədə tibbi sığorta məsələsidir. Mən sual vermək istərdim, səhiyyədə tibbi sığorta məsələsini biz nə vaxta saxlayırıq və nəyə görə onu bu gün həyata keçirmirik? Bu gün səhiyyədə tibbi sığorta məsələsi, mənim fikrimcə, həlli çox gecikdirilmiş problemlərdən biridir. Güman etmirəm ki, bu gün Azərbaycanda onun həllinin qarşısını alan hər hansı obyektiv səbəb var. Məncə, tibbi sığorta məsələsinin həllini bir qədər sürətləndirmək lazımdır.
Bir məsələni də demək istəyirəm. Bu, konkret olaraq seçildiyim rayonla bağlıdır. İnanın ki, mən bu məsələni burada deməmişdən əvvəl bir neçə dəfə müvafiq idarənin nəzərinə çatdırmışam. Amma orada çox maraqlı, çox yaradıcı insanlar işləyirlər. Konkret olaraq ünvanlı sosial yardımla bağlı məsələdir. Mənim yaxından tanıdığım Xocalı qaçqınlarının ailələri Yasamalda çox ağır vəziyyətdə yaşayırlar. Bunlara verilən ünvanlı sosial yardımı 2-3 aydır ki, sadəcə, özlərinə götürürlər, daha sonrasını vermək şərti ilə. Mən müraciət edəndən sonra yeni, maraqlı, yaradıcı bir üsul tapdılar. Azərbaycanda belə bir qədim məsəl var, deyərlər, babam bicdir, kündələri sayır, nənəm ondan da bicdir, kündədən kəsir. İndi Yasamal rayonunda ünvanlı sosial yardımın verilməsinin yeni üsulunu tapıblar. Bu dəfə də həmin sosial yardımı azaldır və çox ağır vəziyyətdə olan ailələri elə bir həddə gətirib çıxarırlar ki, onlar, sadəcə olaraq, bu yardımı almaqdan imtina etsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Əvvəla, mən hesabatın hazırlanması formatı haqqında bir sıra təkliflərimi səsləndirmək istəyirəm. Hesab edirəm ki, illik büdcə layihəsi hansı formatda parlamentin müzakirəsinə təqdim edilirsə, icra ilə bağlı hesabat da həmin formatda təqdim olunmalıdır. Büdcə layihəsində gəlirlərlə, xərclərlə bağlı proqnozlar ayrı-ayrı bəndlər üzrə müzakirəyə təqdim edilir. Hesabat büdcəsində isə biz bu aydınlığı görmürük. Burada proqnozlar göstərilmədən ancaq ümumi göstəricilər öz əksini tapıbdır. Əgər büdcə layihəsi parlamentə paket halında gəlirsə, hesabat layihəsi də eyni qaydada, paket halında gəlməlidir ki, deputatlar proqnozla icranı müqayisə etmək imkanı əldə etsinlər.
Bir-iki misal çəkmək istəyirəm. Burada həm Prezidentin, həm də büdcənin ehtiyat fondu ilə bağlı ümumi məbləğlər, ümumi istiqamətlər göstərilmişdir. Ancaq hər istiqamətə nə qədər vəsaitin xərcləndiyi hesabatda öz əksini tapmamışdır. Belə çıxır ki, xərc istiqamətləri dəqiq göstərilməyən bir sənədə səs verməliyik. Əslində, büdcənin ehtiyat fondlarından xərclənmiş vəsaitlərin hər bir istiqamət üzrə dəqiq bölgüsünü əks etdirən adicə sənəd hesabata əlavə edilməli idi.
Bu sözləri biz rayon və şəhərlər üzrə gəlir və xərclərin strukturu barədə də deyə bilərik. Əgər hesabatda gəlir və xərclərin strukturu dəqiq verilmirsə, icra vəziyyəti proqnozla müqayisəli şəkildə göstərilmirsə, deputat seçildiyi rayon və yaxud şəhər üzrə gəlir və xərclər barədə real vəziyyəti necə müqayisə edib nəticə çıxara bilər? Niyə ilkin büdcə layihəsində olduğu kimi, rayon və şəhərlərin gəlir və xərcləri barədə ayrı-ayrı bəndlər üzrə dəqiqləşdirilmiş məlumatlar, proqnozlar hesabata müqayisəli şəkildə ayrıca bir sənəd kimi əlavə edilmir? Niyə təkrar istehsal fonduna və sair fondlara daxil olan vəsaitlər, onların xərcləndiyi istiqamət və xərclərin məbləği barədə ayrıca sənəd proqnozla müqayisəli şəkildə hesabata əlavə edilməsin?
Yadımdadır ki, Hesablama Palatasının 2008-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda da bu sahədəki problemlər haqqında xeyli fikirlər səslənmişdi. Hesabata həmçinin büdcədənkənar gəlirlərlə bağlı dəqiq məlumatları əks etdirən sənəd də əlavə edilməli və bu sənəddə dövlət təhsil sistemində, dövlət yol polisində, notariat sistemində və digər sistemlərdə ödənişli fəaliyyətlə bağlı vəsaitlərin daxilolma vəziyyəti proqnoz və icra ilə müqayisəli şəkildə göstərilməli idi.
Hesabat göstərir ki, ödənişli fəaliyyətdən daxilolmalar az icra olunmuşdur. Ancaq bunun səbəbinə hesabat aydınlıq gətirmir. Səbəb kimi ödənişli səhiyyə xidmətinin ləğvi göstərilsə də, unudulur ki, bu xidmət ləğv olunana qədər daxil olan vəsait onsuz da az idi, cəmi 4-5 milyon manat idi. Doğrudur, Hesablama Palatasının rəyində səhiyyə üzrə bəzi məlumatlar verilibdir. Burada, məsələn, meliorasiya və su təsərrüfatı sistemində su satışından, baytarlıq sistemində baytarlıq xidmətindən daxilolmalar göstərilibdir. Ancaq Dövlət Yol Polisindən nə qədər vəsait daxil olubdur, dövlət ödənişli sistemindən nə qədər vəsait daxil olubdur? Bunlar haqqında hesabatda heç bir məlumat yoxdur. Bu məlumatsızlığı aradan qaldırmaq üçün, əslində, hesabata ayrıca sənəd əlavə edilməli və bu sənəddə ayrı-ayrı sahələrdən daxilolmalar müqayisəli şəkildə göstərilməli idi.
Toxunmaq istədiyim məsələlərdən biri də yerli özəl sektordan daxilolmalarla bağlıdır. Narahatedici faktdır ki, bütün vergilərlə birlikdə özəl sektorun payı büdcənin 10 faizini belə əhatə etmir. Büdcə gəlirlərinin 10 milyard manatdan çox olmasına rəğmən yerli özəl sektordan cəmi 1 milyard manat vəsait daxil olub. Niyə milli sahibkarların büdcədəki payı 1 milyarda güclə çatır? Bir sıra vergi növləri vardır ki, oradan dövlətin payı 90-95 faizdir. Məsələn, yerli məhsullar üzrə ödənişli aksiz vergilərinin 93 faizi, mədən vergisinin 99,3 faizi, əmlak vergisinin 80 faizi, torpaq vergisinin 75 faizi, yol vergisinin 65 faizi dövlət sektorunun payına düşür. Təəccüblüdür ki, heç bir vergidə yerli özəl sektorun payı 50 faizə çatmır. İstisna olan yalnız sadələşdirilmiş vergidir ki, orada da yerli sahibkarlardan cəmi 59 milyon manat vergi daxil olur. Mənfəət vergisində bu pay cəmi 4-5 faizdir. Sahibkarlar ən çox əlavə dəyər vergisi ödəyirlər ki, burada da onların payı 50 faizə çatmır. İstərdim ki, əsas vergilərin formalaşmasında özəl sektorun rolunun minimuma endirilməsinə bir aydınlıq gətirilsin.
Nəhayət, vergi borcları barədə bir-iki kəlmə demək istəyirəm. Məlum olur ki, yerli özəl sektorun vergi borcları onların büdcəyə ödədiyindən faktiki üç dəfə çoxdur. Burada...
Sədrlik edən. Çox sağ olun. Onu deyim ki, müqayisə etmək üçün keçən ilin büdcə sənədlərindən istifadə edə bilərdiniz. 2008-ci ilin büdcəsi də, proqnozları da Sizdə olub. Bunlar hamısı var. Amma buraya ikinci bir kitab da əlavə olunmasını istəyirsinizsə, deyərik, edərlər. Elman Rüstəmov buyursun.
E. Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri! Doğrudan da, 2008-ci il Azərbaycan iqtisadiyyatı üçün sınaq ili oldu və Azərbaycan iqtisadiyyatı bu sınaqdan yaxşı nəticələrlə çıxdı. Bəzən belə bir fikir də səsləndirilir ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına zəif inteqrasiya olunub və ona görə də bu böhran Azərbaycan iqtisadiyyatı üçün qorxulu deyil. Lakin hesab edirəm ki, bu fikir tamamilə yanlışdır. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına kifayət qədər inteqrasiya olunub və son dövrlərdə bu inteqrasiya əhəmiyyətli dərəcədə dərinləşib. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən eksport məhsulları dünya bazarlarına çıxarılır. Azərbaycanın maliyyə bazarları, bank sistemi artıq dünya maliyyə bazarlarına inteqrasiya olunur. Azərbaycanın sıx iqtisadi münasibətlərdə olduğu Rusiya və Türkiyə kimi qonşu dövlətlərin iqtisadiyyatının Azərbaycan iqtisadiyyatına təsiri əhəmiyyətli dərəcədədir.
Maliyyə-iqtisadi böhranın Azərbaycana təsiri kifayət qədər yüksək idi. Keçən ilin ortalarından başlayaraq biz bu təsiri artan dinamikada hiss edirdik. Lakin vaxtında görülmüş tədbirlər nəticəsində biz bu böhranın neqativ təsirlərini əhəmiyyətli dərəcədə neytrallaşdıra bildik. Bu, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən son 5-6 ildə artıq iqtisadi inkişafın yüksək sürətinin təmin olunması, iqtisadi potensialın gücləndirilməsi və bir sıra digər istiqamətlərdə görülən sistemli tədbirlərin nəticəsində mümkün olmuşdur. Belə bir şəraitdə dövlət büdcəsi öz qarşısına qoyulan əsas funksiyaların öhdəsindən qənaətbəxş formada gəlmişdir.
Hazırkı şəraitə gəldikdə isə qeyd etmək istəyirəm ki, dünya maliyyə böhranının Azərbaycana təsirinin kəskin fazası artıq arxadadır. Azərbaycan iqtisadiyyatı artıq kəskin fazadan keçdi. Bildiyiniz kimi, cari ildə də ötən ildə olduğu kimi, Azərbaycanda iqtisadi artım davam edir. Bütövlükdə inflyasiya stabilləşməyə başlayıb, birrəqəmli səviyyəyə düşüb. Dörd ay ərzində illik inflyasiya 6,5 faiz olub. Halbuki ötən il inflyasiyanın səviyyəsi bu dövrdə 18 faiz idi.
Milli valyutamızın məzənnəsi sabitdir. Burada bu barədə təqdiredici sözlər deyildi. Mən minnətdarlığımı bildirirəm. Köhnə sovetlər birliyinə daxil olan 16 respublikadan 14-də milli valyuta 40 faizlə 20 faiz arasında devalvasiya olubdur. Bizim milli valyutanın məzənnəsi son 4 ayda cəmi 0,3 faiz ucuzlaşıb. O bu gün böhran yaşayan ölkələrin milli valyutaları arasında ən sabit valyutalardan biridir.
Ölkənin ödəniş balansı birinci rübü 1,5 milyard ABŞ dolları səviyyəsində profisitlə, müsbət saldo ilə başa vurdu. Bu, gələcəyə ümidlə baxmağa imkan verir. Valyuta ehtiyatları bu gün hər hansı bir əhəmiyyətli dəyişikliyə məruz qalmayıb. Bizim valyuta ehtiyatlarımız xarici borcdan 1,8-2 dəfə çoxdur. İlkin proqnozlar bundan ibarətdir ki, neftin qiymətləri bizim üçün hətta bu səviyyədə əlverişlidir. Ölkəmizin valyuta ehtiyatları azalmayacaq, hətta bir qədər artacaqdır.
Milli valyutaları devalvasiya edilmiş dövlətlərin heç biri Azərbaycanın milli iqtisadiyyatına qarşı rəqabət üstünlüyü əldə edə bilmədi. Bu ölkələrdə əhəmiyyətli inflyasiya baş verir və bu inflyasiya milli valyutanın devalvasiyasından əldə olunan başlıca üstünlükləri, rəqabət üstünlüklərini neytrallaşdırır. Bizdə bu gün həm nominal effektiv məzənnə, həm də real effektiv məzənnə neytral səviyyədədir. Lakin bu, arxayınlaşmaq üçün heç bir əsas vermir. İrəlidə hələ olduqca gərgin iş var və bütün iqtisadi orqanlardan gərgin iş, diqqət, yaxşı koordinasiya olunmuş siyasət tələb olunur. Hökumətdə belə bir iş birliyi var və biz ümid edirik ki, bundan sonrakı dövrdə də bu işlər davam etdiriləcəkdir.
Mərkəzi Bank lazımi tədbirlər görür. Pul-kredit siyasəti yumşaldılıbdır, uçot dərəcəsi artıq 2 faizdir. Biz iqtisadiyyata əhəmiyyətli likvidlik vermişik. Bu likvidlik təxminən 1 milyard ABŞ dolları səviyyəsindədir. Əmanətlərin sığortalanması istiqamətində də irəliləyiş var. Milli Məclis artıq müvafiq sənədi təsdiqləyibdir. Buna görə mən sizə təşəkkürümü bildirirəm. Yeni sistemlə sığortalanan əmanətlərin məbləği təxminən 5 dəfə artırılır. Bu, əmanətçilərimizin mənafeyinin qorunması və bank sistemində sabitliyin gücləndirilməsi istiqamətində əhəmiyyətli bir addımdır.
Görəcəyimiz tədbirlərdən biri də ipoteka kreditinin bərpasıdır. Tikinti sahəsi ipoteka vasitəsilə əhəmiyyətli surətdə canlandırıla bilər. İpoteka ən böyük iqtisadi və sosial artım verə bilən bir sferadır və ona görə də biz ipoteka sistemini yaxın həftələrdə canlandıracağıq. İpoteka artıq büdcə vəsaitləri hesabına deyil, bazardan qiymətli kağızlar buraxılışı vasitəsilə cəlb olunmuş vəsaitlər hesabına davam etdiriləcəkdir. Bu isə imkan verir ki, ölkədə həm qiymətli kağızlar bazarı inkişaf etsin, həm də tikintiyə investisiya qoymuş insanlar öz tikintilərini davam etdirsinlər, tikdikləri binaları sata bilsinlər. Digər tərəfdən isə əhalimizin mənzillərə olan tələbatı böyükdür. Bazarda belə bir tələbat var və biz onu təmin etmək istəyirik.
Sosial ipotekaya gəlincə, onun da bütün şərtləri müəyyən olunubdur. Bildiyiniz kimi, sosial ipoteka 30 il müddətinə veriləcək 35 min manat və 4 faiz həcmindədir. Güzəştli ipoteka ala biləcək insanların dairəsi də təsdiq olunubdur. Bu barədə məlumat saytda yerləşdirilibdir. Bildiyiniz kimi, büdcədə bu vəsait nəzərdə tutulubdur. Sosial ipoteka kommersiya ipotekasından fərqli olaraq büdcə vəsaitləri hesabına veriləcək. Artıq maliyyə nazirinə müraciət olunubdur. Biz hesab edirik ki, yaxın müddətdə biz o vəsaitləri hissə-hissə alacağıq və sosial ipoteka kommersiya ipotekası ilə paralel olaraq verilməyə başlayacaqdır. Hesab edirik ki, bu həm maliyyə, həm də əmlak bazarına canlanma gətirəcək və bütövlükdə qeyri-neft sektorunda artıma stimul yaradacaqdır. Mən də bütün millət vəkillərini 2008-ci ilin hesabat büdcəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Biz, dediyimiz kimi, saat 5-ə kimi işlədik. Bizim hələ iki məsələmiz də var. Mən hesab edirəm ki, bu məsələni qədərincə müzakirə etdik. Xahiş edirəm, indi qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 17.08 dəq.)
Lehinə  100
Əleyhinə  7
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  107
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hökumətin iqtisadi-maliyyə qurumlarına uğurlar, daha mütəşəkkil, daha yaxşı fəaliyyət arzulayaq! Sağ olun.
Gündəliyin növbəti məsələsinə keçirik. Keçən dəfə biz Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsinə baxdıq. Çıxışlar həmin siyahı ilə gedəcək. Buyursun Fazil Mustafa. Yoxdur. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bələdiyyələrin birləşdirilməsi və bələdiyyə strukturlarının səlahiyyətləri ilə bağlı uzun müddətdir ki, cəmiyyətdə müzakirələr gedir. Bu məsələlərlə bağlı kifayət qədər fikir müxtəliflikləri var və mən düşünürəm ki, bələdiyyələr haqqında qanunvericilik tamamilə dəyişsəydi və bələdiyyələrin statusu fərqli şəkildə işlənsəydi, bələdiyyələrin birləşdirilməsi, doğrudan da, effekt verə bilərdi.
Amma bu gün bələdiyyələrlə bağlı çox qəribə bir mənzərə yaranır. Təsəvvür edin, bundan əvvəlki bələdiyyə subyektləri birləşərək bir bələdiyyə formalaşdırır və nəticədə nə alınır. 500, 700, 800 seçicisi olan 2–3 kənd 3 min seçicisi olan bir kəndlə birləşir. Nəticədə o alınır ki, bələdiyyə üzvü seçiləsi 9 nəfərin hamısı eyni kənddən seçilir və növbəti 5 il ərzində həmin kəndin adamları faktiki olaraq digər kəndlərin üzərində, onların bələdiyyə torpaqları üzərində nəzarəti həyata keçirir və onlar barədə sərəncam verirlər. Bunların hamısını Azərbaycan mentaliteti, dəyərləri, kənd psixologiyası, kənddə yaşayanların torpağa münasibəti fonunda təhlil etsək, görərik ki, bu, sabah çox ciddi problemlər yaradacaq. Bələdiyyənin torpaqlarının hərraca çıxarılmasında Milli Məclisin fərqli qaydalar nəzərdə tutduğunu və əslində, bələdiyyə torpaqlarının hərraca çıxarılması ilə bağlı Konstitusiya qanunları müddəalarının pozulduğunu nəzərə alsaq, sabah ciddi problemlərin yaşanmayacağını heç kim iddia edə bilməz.
Diqqət edin, bələdiyyə torpaqlarının hərraca çıxarılmasında bələdiyyədən başqa hansı subyektlər iştirak edir? İcra strukturları, Torpaq Komitəsi. Əgər bu torpaq bələdiyyənindirsə, bələdiyyə mülkiyyətidirsə, bələdiyyənin mülkiyyəti ilə niyə başqa strukturlar hərraclar keçirməlidir? Hərracların keçirilməsi zamanı da heç bir məhdudiyyət tətbiq olunmur. Deməli, istənilən kənar yerdən kim istəsə gəlib bu bələdiyyə torpaqlarını ala bilər. Hələ bu azmış kimi, sabah o birləşən bələdiyyələrin seçkili orqanı da bunlardan deyil, başqa kənddən olacaq. Təbii ki, başqa kəndin əhalisi bu kəndin nümayəndəsinə səs verməyəcək. Say etibarı ilə kvota yoxdur, müəyyən olunmayıb ki, birləşən kəndin kvotası birdir, ikidir. Kim kimi istəyir seçir. İndi siz deyin, bir kəndin 3000 və onunla birləşən o biri iki kəndin hərəsinin 500, 700 seçicisi varsa, oradan kim seçiləcək? Təbii ki, 3000 seçicisi olan. O biri kəndlərin namizədləri nə təbliğat apara biləcək, nə də seçilə biləcək. Kim öz kəndlisini qoyub, başqa bir kənddən olan namizədi seçəcək? Bu, Azərbaycan dəyərlərində rast gəlinməyən bir şeydir. Hər kəs istəyər ki, ona daha yaxın olanı seçsin.
Sonra nə olacaq? Hələ nəzərə alsaq ki, bu gün o birləşmənin özünün içərisində nə qədər narazılıqlar var... O birləşmənin özünün qeyri-qanuni aparıldığı, iclasların keçirilmədiyi, adamların zorla birləşdirilməyə qol çəkildiyi və yaxud heç rəsmi şəkildə onlara müraciət olunmadığı ortadadırsa, belə olan təqdirdə sabah o seçkili orqanlar seçiləndən sonra nələr olacaq? Mən inanıram ki, Azərbaycanın əksər bələdiyyələri bununla bağlı ya çox ciddi problemlərlə üz-üzə qalacaq, ya seçkilər baş tutmamış hesab olunacaq, ya da sabah orada heç bir bələdiyyə öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə bilməyəcək. Buna görə bələdiyyələr haqqında qanunvericiliyə əvvəlcə ciddi dəyişiklik edilməli idi. Bələdiyyələr haqqında qanunvericiliyə ciddi dəyişiklik edilərək bələdiyyə başqanlarının ümumi xalq tərəfindən seçilməsi təmin edilməliydi. Bələdiyyə sədrlərinin seçilən 9 nümayəndənin içərisindən yox, birbaşa... İnzibati ərazi bölgüsü üzrə rayonlar necə müəyyənləşibsə, bələdiyyə rəhbərliyi də o şəkildə seçilməli idi. Bələdiyyə rəhbərliyi seçiləndən sonra artıq bələdiyyə məclisi formalaşdırılmalı idi. Bələdiyyə məclisində isə hər kənddən təmsilçi olmalı idi və onların nümayəndəsi seçilməli idi. Bu daha ədalətli prinsip idi, idarəetmədə daha asan variantlar ortaya çıxarırdı, qarşıdurma yaratmırdı və bələdiyyələrin konkret...

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Reqlament 5 dəqiqədir, danışmışıq axı. Növbəti çıxışçı Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli Milli Məclis, burada konkret bir faktın üzərində dayanacaqdım. Çıxışımda bir rayon icra hakimiyyəti işçilərinin qanun pozuntularından danışmaq istəyirdim. Amma bir ölkənin ki parlamentinin Sədri sədrlik kürsüsündən bəyanat verə ki, mən qanunu pozuram. Bir məsələ kimi...
Sədrlik edən. Pənah bəy, mahiyyəti üzrə.
P. Hüseyn. Bir ölkənin parlamentində bir Sədr ki bəyanat verə ki...
Sədrlik edən. Aydındır. Əhəd Abıyev, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, keç otur yerinə. Əhəd Abıyev, davam edin.
Ə. Abıyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində müstəqil dövlətimiz sürətlə inkişaf edir və möhkəmlənir. Bu gün ölkəmizdə demokratik prinsiplərə əsaslanan idarəetmə təsisatları formalaşmış və onlar dövlətimizin hərtərəfli inkişafı yolunda ardıcıl və məqsədyönlü fəaliyyət göstərirlər. Belə qurumlardan biri olan bələdiyyələr də yarandığı 10 il ərzində xeyli təcrübə qazanmış və möhkəmlənmişdir. Bu illər ərzində bələdiyyələrin inkişaf etməsi, onların qarşısında qoyulan vəzifələrin uğurla həyata keçirilməsi, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün respublikamızda bələdiyyələrin fəaliyyətinin bütün sahələrini əhatə edən mükəmməl qanunvericilik sistemi yaradılmışdır. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Məclisdə bizim fəaliyyət göstərdiyimiz komitə bilavasitə ardıcıl iş aparır.
Bu gün müzakirəyə çıxarılan Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsi çox vacib əhəmiyyət kəsb edən bir sənəddir. Respublikamızda 2757 bələdiyyə fəaliyyət göstərir. Hesab edirəm ki, bu rəqəm say etibarı ilə xeyli çoxdur. Aparılan təhlillər göstərir ki, bələdiyyələrin kiçikliyi hesabına yerli özünüidarəetmə qurumlarının sayının çoxluğu bir sıra problemlər yaradır. Belə ki, bu zaman inzibati xərclər artır, maliyyə resursları parçalanır, kadr potensialı inkişaf etdirilmir, dövlətin və vətəndaşların onların üzərində nəzarət imkanları azalır. Bələdiyyələrin kiçik olması onların fəaliyyətində pərakəndəlik yaradır və respublikamızda mövcud olan yerli resurslardan səmərəli istifadə olunmur. Məhz bu problemlərin aradan qaldırılması bələdiyyələrin birləşdirilməsini zəruri edir.
Komitə üzvü kimi ölkənin ayrı-ayrı bölgələrində olarkən müşahidə etdiyimiz bələdiyyələrin birləşmə məsələləri tam könüllülük prinsipi əsasında həyata keçirilmişdir. Burada qeyd olunduğu kimi, onlardan 993 kiçik bələdiyyənin olması barədə qərarlar qəbul edilmişdir. Hazırda bələdiyyələrin birləşməsi günün reallığından irəli gəlir. Kiçik bələdiyyələr birmənalı olaraq özünü doğrulda bilməmiş, ancaq dövlətdən aldıqları vəsait hesabına yaşamış, heç bir səmərəli işlə məşğul olmamışlar. Belə olan halda fəaliyyətsiz bələdiyyələrin saxlanılması kimə lazımdır? Əksinə, bələdiyyələr birləşərsə, daha faydalı işlər görmək, yerli özünüidarəetmə orqanlarının fəaliyyətini canlandırmaq olar. Mən bu qərara hörmətlə yanaşaraq müzakirə etdiyimiz qanun layihəsini dəstəkləyir və həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Azərbaycan parlamentində bələdiyyələrlə əlaqədar çoxsaylı qanunlar qəbul olunubdur. Bunlar Avropa standartlarına uyğun qanunlardır. Bələdiyyələrin fəaliyyət istiqamətləri enişli-yoxuşlu olubdur. Bir tərəfdən müəyyən işlər görüblər, bir tərəfdən də qanun pozulması ilə əlaqədar hallara rast gəlinibdir. Son Konstitusiya dəyişikliklərində bələdiyyələrin hesabatları ilə əlaqədar Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə baxmayaraq, yəqin ki, biz növbəti dəfə parlamentdə bu məsələyə baxacağıq.
Lakin mənim fikrim nədən ibarətdir? Bələdiyyə seçkiləri ilə əlaqədar indi təqdim olunmuş qanun layihəsi var, amma biz Seçki Məcəlləsinin VII bölməsində, otuz dördüncü fəslində bələdiyyə seçkilərinə aid ümumi müddəalarda dəyişiklik etməliyik. Hörmətli Sədr, bu gün Azərbaycanda bələdiyyələrin üzvlərinin sayı şişirdilmiş şəkildədir. Bu gün o birləşmə zərurəti nədən irəli gəlir? Əhalisinin sayı 500-dən az olan bələdiyyə ərazisində 5 bələdiyyə üzvü seçilir. Cəmi 500 sakindir, vur-tut 100 və ya 200 seçici olar. Bunlar da 5 bələdiyyə üzvü seçirlər. Bu 5 bələdiyyə üzvü əmək haqqı almalıdır, bu 5 bələdiyyə üzvünün hərəsi bir işə nəzarət etməlidir. Bələdiyyə üzvlərinin sayı 5-dən başlayır, gəlir çıxır 19-a. Böyük şəhərlərdə, yəni əhalisinin sayı 100 mindən artıq olan ərazidə 19 bələdiyyə üzvü olur. Bu da yolverilməzdir. Bakının istənilən rayonunda 19 bələdiyyə üzvünün bələdiyyə sədri ilə birinci şərti ondan ibarət olur ki, qeyri-qanuni mənə torpaq ver, mən bələdiyyə üzvü seçilmişəm. Bu işi elə, o işi elə, o birisi işi elə. Yəni bələdiyyə sədrinin özünə bələdiyyə üzvləri tərəfindən işləməyə imkan, şərait yaradılmır. Bu və ya digər şəkildə onu qanunsuz addımlar atmağa vadar edirlər. Yoxlamalar nəticəsində də bu ortaya çıxır.
Ona görə də mənim təklifim nədir? Biz otuz dördüncü fəsildə dəyişiklik etməliyik. Əhalisinin sayı 500-dən 1000-ə qədər və yaxud 5000-ə qədər olan ərazi vahidlərində bir nəfər bələdiyyə üzvü seçilməlidir. Türkiyədə bunun praktikası var. Hər kənddə bir muxtar seçirlər. Bu muxtar arayış verir, yerli vergiləri yığır, hesabat hazırlayır və sair. 500 nəfər əhalisi olan ucqar bir dağ kəndində 5 bələdiyyə üzvünün seçilməsinə nə ehtiyac var? Yoxdur. Sovetlər İttifaqında da bunun çox gözəl forması tapılmışdı. Yəni hər kənddə rayon sovetinin bir nümayəndəsi otururdu, bir nəfər də yazı-pozu işləri ilə məşğul olan katibi var idi, bununla da bütün məsələləri həll edirdi. Bu gün də biz bunu belə etməliyik. Bələdiyyə minimum 1, maksimum 7 nəfərdən ibarət olmalıdır. Yəni təklifim ondan ibarətdir ki, ərazi vahidlərində əhali 5000-dən 10000-ə qədərdirsə, 2 nəfər, 10000-dən 20000-ə qədərdirsə, 3 nəfər, 20000-dən 50000-ə və yaxud 100000-ə qədərdirsə, 5 nəfər, 100000-dən artıqdırsa, 7 nəfərdən ibarət bələdiyyə üzvü seçilməlidir. Bu, məsələnin birinci tərəfi.
Bu birləşmələr barədə bayaq çox gözəl deyildi. İki kənd bir-biri ilə axşama kimi torpaq davası edir. İki kəndi bir-biri ilə necə birləşdirsin bələdiyyə? Biri deyəcək, sədr məndən olsun, o birisi deyəcək, sədr məndən olsun. Azərbaycanın psixologiyası hamıya bəllidir. Ona görə də bunu sadələşdirək, hər kəndin bir nümayəndəsi olsun. İndi gələcəkdə istəyərlər birləşərlər, istəməzlər birləşməzlər. Bu, artıq onların öz işidir. Bələdiyyələr könüllü şəkildə qərar qəbul edib birləşə bilərlər. Bunu biz niyə qanun şəklinə salmalıyıq ki? Bunun hüququnu vermişik bələdiyyələrə.
Mən hesab edirəm, gələcəkdə maksimum dərəcədə çalışmaq lazımdır ki, bələdiyyə sədrlərini də bələdiyyə üzvləri deyil, əhali seçsin. Əhali yığışsın, bələdiyyə üzvlərini seçdikləri kimi, birbaşa bələdiyyə sədrini də seçsin. Çünki bu icra başçısı gəlir, o bələdiyyə sədrini çıxarır, o birisi gəlir, bu birisini çıxarır və bələdiyyənin fəaliyyəti tamamilə pozulur. Mən hesab edirəm ki, bu məsələyə diqqət yetirilməlidir. Azərbaycanda yerli özünüidarəetmə strukturlarının möhkəmlənməsinin əsas məqamlarından biri bundan ibarətdir – həm bələdiyyə sədrinin birbaşa seçilməsi, həm də bələdiyyə üzvlərinin azalması. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş müəllim dünyada mövcud olmayan tamam yeni bir struktur təklif edir. Bu bir, ikinci də ki, bələdiyyəni niyə icra hakimi gələndə dəyişməlidir? Elə etməliyik ki, dəyişməsinlər də. İcra hakimiyyətinin bələdiyyə ilə nə işi var? Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Biz təxminən 4 ildir ki, bu parlamentdə yerli özünüidarəetmə orqanları ilə bağlı məsələ müzakirə edilən zaman həmişə təkliflə çıxış etmişik, tənqid etmişik ki, niyə yerli özünüidarəetmə orqanları, bələdiyyələr öz funksiyalarını lazımi səviyyədə yerinə yetirmir, əhalinin sosial problemlərlə bağlı gözləntilərini qarşılaya bilmirlər. Bu gün isə məhz bu islahatları doğru-dürüst aparmaq və yerli özünüidarəetmə orqanlarında yeni bir mərhələnin başlanğıcını qoymaq üçün çox əhəmiyyətli qanun layihəsi müzakirəmizə təqdim olunub. Bu qanun layihəsi kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə yeni bələdiyyələrin yaranması, onların bilik və bacarıqlarının artırılması, funksiyalarının lazimi səviyyədə yerinə yetirilməsinə şərait yaradılması məqsədinə xidmət edir.
Azərbaycanda əhalinin hər 100 min nəfərinə 34 bələdiyyə düşür. Bu rəqəm onu göstərir ki, Azərbaycanda bələdiyyələr lazım olduğundan çoxdur və bu çoxluq effektiv idarəçiliyə maneçilik törədir, resursların normal şəkildə hərəkətə keçməsinə və istifadəsinə yardım etmir. Ona görə də mən düşünürəm ki, bu qanun layihəsi birmənalı şəkildə dəstəklənməlidir. Bu qanun layihəsindən sonra isə, əlbəttə ki, qarşımızda duran digər vəzifələr də həyata keçirilməlidir.
Hörmətli Sədr, mən istərdim ki, Milli Məclisin və ölkəmizin görməli olduğu bir neçə məqama diqqətinizi cəlb edəm. İlk növbədə mən düşünürəm ki, biz qanunvericilik sahəsində bir sıra işlərimizi tamamlamalıyıq. Bunlardan birincisi artıq birinci oxunuşdan keçən Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinin qəbulunu başa çatdırmaqdır. Əlbəttə, artıq minə yaxın bələdiyyə ixtisara düşəndən və yeni bələdiyyələrin yaranmasından sonra səlahiyyət məsələsi tam şəkildə həll oluna bilər.
İkinci, – biz bunu bir neçə dəfə səsləndirmişik, indi də səsləndirmək istəyirəm, – böyük şəhər bələdiyyələrinin yaradılması üçün hüquqi bazanın yaradılması məsələsi də gündəmə gəlməlidir. Bu, artıq ideyadan gerçəkliyə çevrilməlidir. Üçüncü, – bu barədə bizim ekspertlər və hüquqşünaslar da, yəqin, öz münasibətlərini bildirərlər, – digər ölkələrdə olduğu kimi, paytaxt şəhəri haqqında qanun layihəsinin də hazırlanıb Milli Məclisin müzakirəsinə təqdim edilməsinin, məncə, çox böyük əhəmiyyəti olardı.
Mən təşkilati və institusional sahədə də təkliflərimi səsləndirmək istəyirəm. Bilirsiniz ki, bu ilin dekabrında bələdiyyələrə yeni seçkilər keçiriləcək. Mənə belə gəlir ki, bu seçkilərin keçirilməsi təkcə hökumətin deyil, bütövlükdə cəmiyyətin birbaşa vəzifəsi olmalıdır. Hamı bu seçkilərdə yaxından iştirak etməlidir. Bələdiyyələrin ən vacib problemlərindən biri bəzən buraya dürüst adamların seçilməməsi ilə bağlıdır. Bəzi namizədlər bu vəzifəyə qazanc mənbəyi kimi baxır və həmin vəzifədən faydalanmaq niyyətində olurlar. Amma onlar bilməlidirlər ki, bu vəzifənin əsas mahiyyəti xalqa xidmət etmək, sosial problemlərin həllində üzərlərinə düşən qanunvericilik çərçivəsində vəzifəni icra etməkdən ibarətdir. Ona görə bizim qarşımızda duran ən vacib vəzifələrdən biri seçkiləri həm demokratik, şəffaf şəkildə keçirmək, həm də müvafiq namizədlərin seçilməsində üzərimizə düşən vəzifəni yerinə yetirməkdən ibarətdir.
Hesab edirəm ki, bu dəyişiklikdən sonra şəhər, qəsəbə, kənd bələdiyyələrinin milli assosiasiyalarının yenidən təşkili məsələsi də gündəmə gələ bilər. Ona görə də bu məsələyə yenidən qayıtmaq lazım gələcəkdir. Vacib məsələlərdən biri də bələdiyyənin maliyyə mənbəyinin şaxələndirilməsi və artırılması olmalıdır. Ehtiyacı olanların inzibati bina ilə təmin olunması məsələsi həll olunmalıdır. Müvafiq qurumlar bunu gözəl bilirlər ki, Azərbaycanda bütün maliyyə mənbələri üzrə büdcə gəlirləri adambaşına 5-7 manat arasında dəyişir. Yəni hər bələdiyyənin əldə etdiyi gəlir, demək olar ki, bu çərçivədə olur.
Sonuncu təklifim bələdiyyələrin və bələdiyyə üzvü seçilənlərin bilik və bacarıqlarının artırılması ilə bağlıdır. Hörmətli deputatlar, hörmətli millət vəkilləri, mən bir daha...
Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov buyursun.
M.Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri! Statistikadan və bu gün bizə təqdim olunan materiallardan göründüyü kimi, bu qanun layihəsi ən çox bizim kənd camaatına, kənd bələdiyyələrinə aiddir. Bələdiyyələrin mütləq əksəriyyəti kənd bələdiyyələridir. Mən burada bəlkə də çox az millət vəkillərindən biriyəm ki, ən ucqar kənd bələdiyyələrindən birinin daimi nümayəndəsiyəm. Ona görə də bu problemləri, necə deyərlər, ordan-burdan oxuduğuma görə yox, birbaşa içində yaşadığıma görə bilirəm.
Həqiqətən də, bələdiyyə institutunun fəaliyyət göstərdiyi 10 il müddətində bələdiyyələr çox problemlərlə üzləşmişlər. O problemlərdən ən başlıcası bir çox bələdiyyələrin həddindən kiçik və elə bu səbəbdən də gücsüz olmasıdır. Onlar nəinki fəaliyyət göstərib ərazisində yaşayan insanların sosial problemlərini həll eləmir, hətta formalaşmış bələdiyyə qurumunu saxlamaq iqtidarında deyillər. Amma mən hesab etmirəm ki, on il bundan öncə bələdiyyələrin bu şəkildə yaradılması düzgün olmayıb. Yəqin ki, xatırlayırsınız, o dövrdə hər kənddə, hər qəsəbədə belə bir ideya yaşayırdı ki, əgər həmin kəndin, həmin qəsəbənin ayrıca yerli idarəetmə qurumu olsa, onların problemləri daha yaxşı həll olunar. Amma həyat, təcrübə tamam ayrı bir şey diktə elədi. O nöqteyi-nəzərdən hesab edirəm ki, bu, zamanın, onillik təcrübənin diktə etdiyi çox zəruri qanun layihəsidir.
Yəqin ki, xatırlayırsınız, bu bələdiyyələrin ərazisində yaşayanların çoxu 15–20 il öncə sovet sistemində bir sovetlik ərazisində yaşayan insanlar idi və o kəndlərin bir-birindən yerli özünüidarəetmə formasında ayrılması ona qədər daim bir-birinin xeyrində, şərində bir yerdə olan insanları müəyyən dərəcədə ayırdı. Mən deyərdim ki, bütün dünyada qloballaşma prosesi getsə də, bizim kəndlərdə əks proses getdi. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, kiçik bələdiyyələrin birləşməsi həmin insanların bir-biri ilə daha da yaxınlaşmasına səbəb olacaq.
Hesab edirəm ki, bu, iqtisadi nöqteyi-nəzərdən də çox vacibdir. Çünki bütün dünyada iqtisadi proseslər göstərir ki, aqrar sahədə iqtisadi inkişaf məhz kooperativləşmə istiqamətində getməlidir. Aqrar sahənin texnologiyalarını hər kəndliyə aid olan iki hektar, hektar yarım torpaqda tətbiq edib yüksək məhsul götürmək qeyri-mümkündür. Ona görə Azərbaycan kəndində də inkişaf kooperativləşmə istiqamətində getməlidir və bu bələdiyyələrin birləşməsi, hesab edirəm ki, o prosesə də təkan verəcək. Dünya praktikasına da müraciət etsək, bələdiyyələrin sayının çox olmadığını görərik. Almaniyada bələdiyyələrin sayı son dövrdə 24 mindən 8 minə endirildi. Türkiyədə 5 mindən artıq bələdiyyə yoxdur. Yunanıstanda 5 il ərzində bələdiyyələrin sayı 5 dəfə azaldıldı. Yəni dünya praktikasında da belədir. Amma məqsəd heç də ölkədə bələdiyyələrin sayını azaltmaq deyil, yerli özünüidarəetmənin effektini artırmaqdır.
Mən də məndən əvvəl çıxış edən həmkarlarımın fikirlərinə şərik çıxıram. Bələdiyyə haqqında mövcud qanunlara bir də baxmaq lazımdır. Burada qeyd olunduğu kimi, həqiqətən, bələdiyyə üzvlərinin sayının kvota yolu ilə müəyyənləşdirilməsi hökmən qanunvericilik nöqteyi-nəzərindən təmin olunmalıdır. Hesab edirəm ki, bu qanun layihəsi çox vacib və zəruri sənəddir. Mən onun lehinə səs verəcəyəm. Həmkarlarımı da ona səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ.Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Dünyanın bir sıra ölkələri artıq bələdiyyələrin birləşdirilməsi prosesini keçmişdir. Məndən qabaq hörmətli Məjlum müəllim də bunu qeyd elədi. Bu, Yunanıstanda da, Türkiyədə də, Gürcüstanda da baş verib. Almaniya birləşəndən sonra orada bələdiyyələrin birləşdirilməsi prosesi getdi və bələdiyyələrin sayı üçdə birə qədər azaldı. Artıq bütün dünya qəbul edir ki, əhali və ərazi baxımından kiçik bələdiyyələrin mövcudluğu yerli özünüidarənin yetkin bir orqan kimi formalaşmasına mane olur. Çünki bələdiyyələr nə qədər kiçik olursa, onların maliyyə mənbəyi də o qədər məhdud, eyni zamanda, əhaliyə ictimai xidmətlər göstərmək imkanları da bir o qədər az olur.
Azərbaycan da bu problemdən kənarda deyil. Azərbaycanın rayonlarındakı bələdiyyələrin xeyli hissəsinin ərazisi kiçik, əhalisi isə 500 nəfərlə 1000 nəfər arasındadır. Nəticəsi göz qabağındadır. Yerlərdə bələdiyyələrin bir hissəsi artıq 7-8 nəfər üçün iş yerinə çevrilib və çox vaxt yığılan vəsait insanların əmək haqqına belə çatmır. Ona görə də bu ağır vəziyyəti nəzərə alaraq, mən parlamentdə bələdiyyələrlə bağlı bütün çıxışlarımda bələdiyyə islahatlarının aparılmasını, bu islahatların tərkib hissəsi kimi kiçik bələdiyyələrin birləşdirilməsini təklif etmişəm və bu gün də öz mövqeyimdə qalıram. Ancaq hesab edirəm ki, bu birləşmə Azərbaycanın bütün rayonlarını əhatə etməlidir.
İkincisi, belə demək caizsə, bu birləşmə icra nümayəndələri prinsipi üzrə aparılmışdır. Statistikaya görə, təkcə son 6 il müddətində Azərbaycanda icra nümayəndələrinin sayı 300-ə qədər artmışdır. Çox anormal bir vəziyyət yaranmışdır. Bir tərəfdən bələdiyyələrin sayını azaldırıq, digər tərəfdən isə icra nümayəndələrinin sayını artırırıq. Ona görə hesab edirəm ki, bələdiyyələrin bu birləşməsi icra nümayəndələri prinsipi üzrə aparılmamalı, əksinə, yerlərdə icra nümayəndələrinin sayı kəskin şəkildə azaldılmalıdır.
Hesab edirəm ki, bu birləşmə ilə yanaşı, Seçki Məcəlləsinə də ciddi dəyişikliklər edilməli, birləşən bələdiyyəyə seçiləcək insanların sayı haqqında kvota indidən Seçki Məcəlləsində öz əksini tapmalıdır. Ardınca isə bələdiyyənin yeni maliyyə sistemi və səlahiyyət sistemi haqqında qanunlar qəbul olunmalıdır. Əslində, bu gün müzakirə etdiyimiz məsələ bələdiyyə islahatlarının kiçik bir hissəsini əhatə edir. Heç kim iddia edə bilməz ki, digər islahatları həyata keçirmədən, təkcə kiçik bələdiyyələri birləşdirməklə biz yerlərdə bələdiyyələri sosial-iqtisadi, mədəni məsələləri sərbəst və müstəqil şəkildə həll edə biləcək bir idarəetmə orqanına çevirə biləcəyik. Buna inanmaq sadəlövhlük olardı. Bunun üçün mütləq ölkədə ciddi və paket halında bələdiyyə islahatları keçirilməlidir.
Azərbaycandakı bələdiyyələrin səlahiyyətləri əksər halda, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyəsində də qeyd edildiyi kimi, elə müəyyən olunub ki, bunlar ya dövlət orqanlarının fəaliyyətini tamamlayır, ya da onların nəzarəti altında fəaliyyət göstərirlər. Ona görə təsadüfi deyildir ki, həmin konqresin Azərbaycanda yerli və regional demokratiyaya dair 2003-cü il 21 may tarixli 126 saylı tövsiyəsində Azərbaycanın üzərinə bir sıra öhdəliklər qoyulmuşdur. Bu öhdəliklərin içərisində Bakıda meriya institutunun yaradılması, bələdiyyələrə çox ciddi maliyyə mənbələrinin verilməsi və eyni zamanda, bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında dəqiq səlahiyyət bölgüsünün aparılması xüsusi qabardılmışdır. Ancaq çox təəssüf ki, bu tövsiyənin qəbul olunmasından 6 il keçsə də, Azərbaycanda qanunvericiliyə ciddi dəyişikliklər edilərək səlahiyyətlər artırılmamışdır. Ayrı-ayrı vaxtlarda müxtəlif əlavə və dəyişikliklər edilsə də, bunlar ölkədə bələdiyyələrin səlahiyyətlərini artırmamışdır. Ona görə nə qədər ki Azərbaycanda çox ciddi bələdiyyə islahatları keçirilməyib, qanunun ayrı-ayrı maddələrinə dəyişikliklər etməklə, kiçik bələdiyyələri birləşdirməklə biz onları yerlərdə effektli idarəetmə orqanına çevirə bilməyəcəyik. Bunun üçün mütləq islahatlara getməliyik. Əgər bu islahatlara gedilməsə, bugünkü birləşmənin heç bir nəticəsi olmayacaq və biz yenə problemlərlə üz-üzə qalacağıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Məclis üzvləri! Mən də bu fikirləri bölüşürəm ki, Azərbaycan 1999-cu ildə bələdiyyə institutunu yaradarkən söykəndiyi təcrübə, ayrı-ayrı beynəlxalq nümunələr, sadəcə, ona imkan verirdi ki, indi deyilən nümunələr seçilmiş olsun. Yəni biz o nümayəndəlik normaları əsasında bələdiyyə institutlarını formalaşdırmağa çalışdıq. Həqiqətən də, o dövrdə bu ən əvvəl mərkəzləşmiş hakimiyyət sistemində səlahiyyətlərin bölgüsü, paylanması prinsipi üzrə əhalinin dövlət idarəçiliyində fəal iştirakını təmin etmək məqsədi daşıyırdı. Ən prinsipial məqam budur. Yəni bələdiyyə institutunun yaranmasının, formalaşmasının fəlsəfəsində bu dayanır. Vətəndaşlar, sadəcə, mərkəzləşmiş hakimiyyət institutları vasitəsilə deyil, özünün seçdiyi və özü-özünə nəzarət edən qurumlar vasitəsilə yerli idarəçiliyi təmin eləmiş olurlar.
Amma biz bu birləşmələrə ona görə getmirik ki, bir sıra bələdiyyələr özlərini doğrultmadılar. Mənə elə gəlir ki, o dövrdə bunların hamısını düşünüb müəyyənləşdirmək çox çətin olardı. Mən, ümumiyyətlə, bu birləşməni təmin edərkən bələdiyyə qurumlarının üzərinə gedilməsinin, onun həddən artıq gözdən salınmasının qəti əleyhinəyəm. Hansısa bələdiyyə qurumları səhvlərə yol veriblərsə, bu səhv onların təkcə özündən irəli gəlməyib. Hər kəsə bəllidir ki, hansısa icra qurumlarının bilavasitə razılığı və göstərişi, tapşırığı olmadan bələdiyyə qurumu bu addımları atmazdı.
Şəxsən mən bələdiyyələrin yerlərdə effektli idarəçiliyinin təmin olunması, birləşmiş bələdiyyə qurumlarının gələcəkdə ciddi kredit alması, böyük maliyyə institutu kimi formalaşması, ən müxtəlif proseslərə, məsələn, bank fəaliyyətinə, müxtəlif satınalmalara cəlb olunması, təhsil, səhiyyə kimi məsələlərdə fəal iştirak etməsi əsasında, yəni bu ideologiya əsasında birləşməsinin tərəfdarıyam.
Düşünürəm ki, on il ərzində fəaliyyət göstərən bu qurumlar hətta haradasa fəaliyyətsiz olublarsa belə, müxtəlif kəndlərin, hətta ən kiçik əyalətlərin özünəməxsus düşüncələri formalaşıb və bu birlik məsələsi müxtəlif narazılıqları meydana çıxarıb. Bunu inkar eləmək olmaz. Ona görə də bələdiyyələr, sadəcə, ərazi vahidi üzrə seçilməsin deyə, burada hörmətli həmkarım Siyavuş Novruzovun qeyd elədiyi kimi, Seçki Məcəlləsində nümayəndəlik normasında bu məsələləri birdəfəlik nəzərdə tutmaq və 2009-cu ilin dekabrında seçkiləri bu prinsip əsasında keçirmək daha doğru olardı. Belə olan təqdirdə həmin kənd adamları da başa düşəcəklər ki, onların nümayəndələrinin həmin seçkidə iştirak eləməsi və bələdiyyə üzvlüyünə seçilməsi eynən həmin kəndlərin də gələcək müxtəlif sosial-iqtisadi problemlərinin həllinə imkan verəcək.
Yeri gəlmişkən, bir məqamı vurğulamaq istəyirəm. Bizim bəzi qanunvericilik aktları bələdiyyə qurumlarının böyük maliyyə-iqtisadi əsasının formalaşmasına imkan vermədi. Amma onun özünün də ciddi bir fəlsəfəsi vardı. Bilirsiniz ki, Azərbaycan bölgələri 9 vergi növündən azaddır. Belə olan təqdirdə bu vergi növlərinin bəzilərinin toplanması bələdiyyələrə normal maliyyə-büdcə işini görməyə imkan verərdi. İndi biz nə edək? Bu bir ziddiyyətli vəziyyət yaradır. Təbii ki, bu qanunu dəyişmək mümkün deyil, çünki dərhal kənd əhalisinin ümumi vəziyyətinə təsir göstərəcək. Amma paralel şəkildə bələdiyyə qurumları da məhz bu səbəbdən formalaşa bilmir. Ona görə bələdiyyələrin birləşməsi onların status məsələsinə baxmağı, onlara əlavə səlahiyyətlər verməyi, eyni zamanda, səlahiyyətlər verərkən də bunun üzərində ciddi ictimai nəzarətin təmin olunmasına yönəli müvafiq addımlar atmağı bizdən tələb edir.
Düşünürəm ki, bütövlükdə götürəndə bu birləşmə gələcəkdə Azərbaycanda effektli bələdiyyə, yerli özünüidarəetmə qurumu formalaşdırılmasına səbəb olacaq və bu işin indiki dövrdə başlanması, bunun hüquqi bazasının seçkilərdən əvvəl formalaşması bu sahədə ciddi addım atmağa imkan verəcəkdir. Mən bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rüstəm Xəlilov.
R. Xəlilov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Müzakirə etdiyimiz qanun layihəsi yaşadığımız dövr üçün çox aktual məsələlərdən biri haqqındadır. Milli Məclis bələdiyyələr haqqında bir sıra qanunlar qəbul etmişdir. Onlardan biri də “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanundur. Bu qanuna yaxınlarda əlavə və dəyişikliklər etmişik. Ölkəmizin bütün regionlarında, rayonlarında, kəndlərində bələdiyyələrin hamısı həmin qanuna əsaslanaraq yığıncaqlar keçirib, birləşmə haqqında qərar qəbul edib və onu protokollaşdırıb lazımi orqanlara təqdim etmişdir. Azərbaycanda bu günə qədər 2757 bələdiyyə mövcud olmuşdur. Elə ərazi vahidləri var idi ki, orada hər 15 evə bir bələdiyyə düşürdü.
Hər il biz dövlət büdcəsindən bələdiyyələrə dotasiya veririk. Halbuki bələdiyyələr fəaliyyət göstərdiyi yerlərdə dörd növ vergi yığmalı və kəndlərdə, şəhərlərdə müəyyən işlərin görülməsi üçün o vəsaitdən istifadə etməlidirlər. Amma bələdiyyələr səmərəli fəaliyyət göstərə bilmədiklərinə görə heç özlərinin əmək haqlarını belə toplayıb verə bilmirlər. Bu il dekabrın axırında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri parlament seçkilərindən və digər seçkilərdən fərqlənir. Ona görə ki, ən azı orada qruplaşma gedir və hər bir qruplaşma öz seçicilərinə əvvəlcədən söz verir ki, əgər bizə səs versəniz, sizdən heç bir vergi növü yığmayacağıq. Ona görə onların büdcələri həmişə boş olur, fəaliyyətləri görünmür.
Bir faktı qeyd etmək istəyirəm. “2003–2008-ci il regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı”nın həyata keçirilməsində bəzi bələdiyyələri çıxmaq şərti ilə heç bir bələdiyyənin fəaliyyəti gözə çarpmadı. Adicə bir kənd məktəbinin, bir kiçik xəstəxananın təmirində belə bələdiyyələrin iştirakını görmədik.
Məndən qabaq çıxış edən deputat həmkarlarımın fikirlərinə mən də qoşuluram. Mən də o fikirdəyəm ki, birləşmiş iri bələdiyyələrin fəaliyyəti gələcəkdə daha səmərəli olacaq və gözəçarpan dərəcədə artacaqdır. Mən bu layihənin lehinə səs verəcəyəm və deputat həmkarlarımı da onun lehinə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A.Həsənov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Burada söhbət bələdiyyələrin birləşməsindən gedir. Hərə yarım saat onu əhatə edir, başqa-başqa söhbətlər... Kimə lazımdır çıxışlar? Mən xahiş edirəm, çıxışları dayandıraq. Təklif edirəm, hər rayonda neçə nəfər sahə müvəkkili varsa, o qədər də bələdiyyə olsun. Bu əgər özünü doğruldarsa, 5-10 ildən sonra ona bir də baxarıq, özünü doğrultmazsa, ona bir köməkçi də verərik. Gərək onun səlahiyyəti olsun ki, onu eşitsinlər. Mən bir deputat kimi təklif edirəm, müzakirələri dayandıraq və bunu səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira xanım, buyurun.
E. Axundova. Bələdiyyələr eyni prinsip üzrə müəyyən ərazi vahidlərinin adı altında birləşir. Lakin bu prinsip birləşən bələdiyyələrdə təmsil olunan kəndlərin sakinləri arasında bəzən narazılığa səbəb olur. Mən bu gün Mollaoba və Babaser kəndləri sakinlərinin müraciətlərini almışam. Onlar bələdiyyələrinin Boradigah bələdiyyəsi adı altında birləşməsindən ciddi narazılıq edir və müəyyən qədər əsaslı sübutlar da gətirirlər. Məktubun altından 250 ailə başçısı qol çəkib. Bu, bütövlüklə bir kənd deməkdir. Mənim bir sualım var. Bu məsələyə, yəni konkret prinsipə yenidən baxıla bilərmi? Bu çox ciddi məsələdir, çünki bizə çoxlu müraciətlər olur. Bugünkü səsvermədən sonra bələdiyyələrin yeni siyahısı qüvvəyə minəcək. Gələcəkdə lazım gələrsə, bu siyahıda müəyyən dəyişikliklər edilə bilərmi? Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz ki, mən də o insanlara nə cavab verəcəyimi bilim. Çox sağ olun.
Sədrlik edən. Belə məktublar çoxdur. Qəbul olunan siyahı heç də doqma deyil. Bu məsələlər Milli Məclisin səlahiyyəti çərçivəsindədir. Lazım olanda Milli Məclis öz səlahiyyətindən istifadə edib bunları həll edə bilər. Burada bir problem yoxdur. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.52 dəq.)
Lehinə  102
Əleyhinə  4
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  107
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın yeni redaksiyada verilməsi barədə. Bu texniki məsələdir. Arif Rəhimzadə.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Çox sağ olun. Cənab Sədr, bildiyimiz kimi, bələdiyyələrin siyahısı var. Bu dəyişikliklərlə əlaqədar olaraq siyahıda düzəliş aparmaq lazımdır. Gərək orada müvafiq qaydada təzə bələdiyyələrin adları əks olunsun. Bütövlükdə siyahıda 1766 bələdiyyənin adı olacaqdır.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə  96
Əleyhinə  3
Bitərəf  2
Səs vermədi  0
İştirak edir  101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hörmətli millət vəkilləri, bu gün bizim yaz sessiyasının son iclası idi. Çox işlədik, sağ olun. Milli Məclisin 2009-cu il yaz sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi