2009-ci il 27 oktyabr tarixli iclasın stenoqramı

MİLLİ MƏCLİSİN İCLASI

27 oktyabr 2009-cu il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizdə əyləşin. Qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.11 dəq.)
İştirak edir 105
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf  0
Səs vermədi 0  
İştirak edir  97
Nəticə: qəbul edildi

Sağ olun, gündəlik təsdiq olundu. Müzakirələrə ehtiyac var? Xahiş olunur yazılasınız. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media mənsubları! Sizin diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Dünən ANS telekanalında gedən bir reportajı gördüm və gördüyüm məsələ ürəyimi ağrıtdı. Yəqin, çoxunuz buna baxdınız, Quba rayonunda insanların min bir əziyyətlə yetişdirdikləri alma, demək olar ki, tökülüb yerdə qalıb. Nə bunu alan, nə də məhsulun saxlanması üçün yer var. Təsəvvür edirəm ki, meyvələri su qiymətinə verirlər, yenə də almaq istəyən yoxdur.
Mən, ümumiyyətlə, bilmək istərdim ki, bu məsələlərlə məşğul olan dövlət strukturlarımız, Kənd Təsərrüfatı Nazirliyimiz var? Kənd Təsərrüfatı Nazirliyi haraya baxır, niyə tələb olunan qədər soyuducular tikilmir, bu məhsulların satışı təşkil olunmur? Mən düşünürəm ki, məhsulların alınması təşkil olunsa, insanların əziyyəti yerdə qalmaz. Həm insanlar qazanar, həm də yerli bazarımızı intensivləşdirməklə kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə edə bilərik. Bundan əlavə, bizdə sifarişçi təşkilatlar, dövlət strukturları var. Daxili qoşunlarin, ordunun, internat məktəblərinin, uşaq bağçalarının saxlanması üçün, bilirsiniz ki, sifarişçi təşkilatlar ərzaq alınması ilə məşğul olurlar. Yaxşı olardı ki, həmin müəssisələri yerli malların, yerli məhsulların alınmasına sövq edək. Bununla da, şübhəsiz, həm büdcəmiz qazanmış olardı, həm insanlarımız əlavə iş yerləri əldə etmiş olardılar, həm də bu, insanların sağlamlığına xidmət etmiş olardı. Bilirsiniz ki, hava bir az soyuyandan, mövsüm başa çatandan sonra bazarlardan yerli mer-meyvəni tutya kimi axtarırıq, amma tapa bilmirik. Mən düşünürəm ki, bu məsələyə ciddi fikir vermək lazımdır. Siz bilirsiniz ki, yerli sahibkarların fəaliyyətinə ölkə başçısı çox böyük diqqət ayırır, onlara maddi-mənəvi dəstək verir və bu sahənin inkişafı üçün büdcədən də böyük ayırmalar olur. Amma reallıq ürəkaçan deyil. Mən istərdim ki, Oqtay müəllim, biz, Milli Məclis olaraq həmin insanların problemlərinin həllinə yardım göstərə bilək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən dünən axşam bir tədbirdə idim və həmin tədbirdə ürək qüsurlu uşaqlar, onların valideynləri və mütəxəssislər iştirak edirdilər. Azərbaycanın bu sahədə ən yaxşı mütəxəssislərinin dəvət olunduğu bir tədbir idi. Onlar xahiş edirdilər ki, orada qaldırılan bəzi məsələləri parlamentdə də qaldıraq. Mən onların xahişini nəzərə alaraq bu məsələyə diqqəti cəlb etmək istəyirəm.
Hörmətli Oqtay müəllim, parlamentə büdcə sənədləri gəlir. Büdcə öncəsi bizim komitələr çərçivəsində müəyyən məzakirələr gedir. Qaldıracağım məsələnin həllinə dəstək istiqamətində müəyyən addımların atılması zəruri olardı. Söhbət ondan gedir ki, bu gün ürək qüsurlu uşaqların sayı təxminən 12 minə yaxındır. Azərbaycanda da, dünyanın hər yerində olduğu kimi, bu əməliyyatlar çox bahadır. Azərbaycanda bu əməliyyatın minimum qiyməti 5 min manatdan başlayır, əməliyyatın həcmindən asılı olaraq bu məbləğ 10 min manatı da keçə bilər. Bu ailələrin xeyli hissəsi maddi imkanı olmayan ailələrdir. Həmin ailələr üçün çox çətindir.
Ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkilimiz Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yüzlərlə belə uşaqları əməliyyat etdirib. Amma bu say çox böyükdür. Ən böyük problem ondan ibarətdir ki, bu qüsurla doğulan uşaqların sayı nəinki azalmır, hətta artır. Orada mütəxəssislər də məsələ qaldırırdılar ki, həmin ailələr bu qiymətlərlə əməliyyat etdirə bilmirlər, xəstə uşaqların ömrü bəzən günlərlə, saatlarla, aylarla sayılır. Çox gözləmək imkanları yoxdur və bu xəstəliklə yaşasalar da, uşaqların sağlamlığı ciddi təhdid altında olur.
Keçirilən tədbirdə mütəxəssislər deyirdilər ki, əgər dövlət tərəfindən müəyyən dəstək olarsa, belə əməliyyatları daha aşağı qiymətlərlə, güzəştlər edərək, imkansız, kasıb ailələrin uşaqlarını isə pulsuz əməliyyat etmək imkanı yarana bilər. Bunun üçün gərək dövlət tərəfindən dəstək artsın. Mənim xahişim ondan ibarətdir ki, büdcə müzakirələri zamanı bu məsələyə diqqətlə yanaşılsın, çünki onlar uşaqdırlar. Bu ağır xəstəliklə yaşasalar belə, həmin uşaqlar normal həyata qatıla bilmirlər. Onların oxuması, yaşaması çox çətin və həyatları hər an risk altında olur. Ona görə bu uşaqları və rəqəmləri nəzərə alaraq, bəlkə üzümüzə gələn büdcədə, indidən bu müzakirələr gedən zaman, heç olmasa, imkansız...
Sədrlik edən. Qənirə xanım, büdcə zərfinə daxil olan sənədlər, Hesablama Palatasının rəyi də sizlərə paylanılıb. İki həftə vaxtımız var. Xahiş edirəm, komitələr bu dövr ərzində müzakirələrini aparsınlar. Əhəd Abıyev.
Ə. Abıyev. Dəyərli siyasi həmfikirlər! Biz, millət vəkilləri, Türkiyə–Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan işlərə laqeyd qala bilmərik. Bu, Azərbaycanın ümummilli maraqlarına ziddir. Təzyiq altında imzalanan sənədlərə soyuqqanlı yanaşmamalıyıq. Eyni zamanda, emosiyalara da qapılmaq olmaz. Ölkə başçısı hörmətli cənab İlham Əliyev bu məsələ ilə bağlı uzaqgörən və uğurlu siyasət aparmaqdadır. Biz, Azərbaycan xalqı, Prezidentimizin siyasətinə dəstək verərək, hamılıqla müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünü, suverenliyini var qüvvəmizlə qorumalıyıq. Zənnimcə, gözə görünməyən qüvvələr Qarabağ münaqişəsinin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maneçiliklər yaradır. Çox təəssüflər olsun ki, Türkiyənin indiki iqtidarı da həmin qüvvələrlə həmrəylik göstərməkdədir. Mən bir millət vəkili kimi bildirmək istəyirəm ki, bu gün Türkiyədə hansısa partiyada olan bəzi qüvvələr bizə xəyanət edə bilər, amma türk milləti Azərbaycana heç bir vaxt xəyanət etməz.
Cənab Sədr, hörmətli millət vəkilləri, xatırlayırsınızsa, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycan parlamentində, millət vəkillərinin qarşısında çıxış edərək söz verdi ki, Ermənistanın Azərbaycana təcavüzünə son qoyulmadan, Qarabağ məsələsi həll olunmadan Türkiyə Ermənistanla münasibətin qurulması üçün heç bir addım atmayacaq. Amma beş ay sonra nə oldu? Türkiyənin xarici işlər naziri və Ermənistanın xarici işlər naziri Qarabağ problemi həll olunmadan protokola imza atdılar. Belə ki, Ərdoğanın verdiyi vədlər bu gün şübhə doğurur. Belə siyasətçilər Türkiyədə gəldi-gedərdir. Ancaq bir millət–iki dövlətin xalqlarını heç bir qüvvə narazı sala bilməz. Ümidvaram ki, qardaş türk həmkarlarımız da Böyük Millət Məclisində buna imkan verməyəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Əhəd müəllim, Türkiyənin Baş naziri Milli Məclisdə çıxış etdi, ondan sonra dəfələrlə dedi ki, mən Azərbaycan Milli Məclisində dediyim sözlərin arxasında dayanıram. Bu bir. İkincisi, həmin məsələlər ətrafında danışıqlar getdiyi üçün bu gün Türkiyənin Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri və komitə üzvləri Azərbaycana səfər edəcəklər. Yəqin ki, sabah bizim onlarla görüşlərimiz də olacaqdır. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Mən, birinci, deputat sorğusu qaydasında belə bir təkliflə Milli Məclisə müraciət edirəm. Son dövrlər “donuz qripi” deyilən epidemiya ilə bağlı bütün dünya həyəcan təbili çalmaqdadır. Son hadisələr, o cümlədən Azərbaycanla ciddi gediş-gəlişi olan ölkələrin ərazisində baş verən epidemiya onu deməyə əsas verir ki, bu həyəcan adicə növbəti kampaniya olmaya bilər. Ona görə də xahiş edərdik ki, respublikanın səhiyyə naziri qrip epidemiyasına qarşı Azərbaycanda hansı tədbirlərin görülməsi ilə bağlı lazımi profilaktik işlərin aparılıb-aparılmaması və bunun üçün lazım olan dərmanların, peyvəndlərin Azərbaycana gətirilməsi, onların testdən keçirilməsi və bunun üçün müvafiq maliyyə vəsaitinin ayrılması ilə bağlı Milli Məclisə məlumat versin. Təkrar edirəm, son dövrdə qrip epidemiyası ilə bağlı türk televiziyalarından da həyəcanlı məlumatlar gəlir. Əhali də bu məsələ ilə bağlı bizə müraciət etməyə başlamışdır. Xüsusən ictimai nəqliyyatda, məktəblərdə, səhiyyə müəssisələrində müəyyən profilaktik tədbirlərin görülməsinə ehtiyac yaranmaqdadır. Bir daha təkrar edirəm, Milli Məclisdə bu məsələnin müzakirəsinə ciddi ehtiyac vardır.
İkinci mühüm məsələ ilə bağlı müraciət etmək istərdim. Hörmətli Milli Məclis üzvləri, bu gün mühüm bir məsələni müzakirə edəcəyik. Bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə dövlət başçısı İlham Əliyevin imzası ilə daxil olmuş qanun layihəsidir. Mən xahiş edərdim ki, həmin məsələnin müzakirəsi əvvələ keçirilsin, çünki əhali və cəmiyyət bu istiqamətdə olduqca həssaslıq göstərir. YAP-çı deputatlardan xahiş edərdim ki, saat 12-yə 5–10 dəqiqə qalmış 5–3 dəqiqə məsələsini qaldırıb bu məsələnin ciddi müzakirəsinə mane olmasınlar.
Nəhayət, üçüncü bir məsələ. Bu gün Türkiyə Böyük Millət Məclisinin üzvləri bizim Milli Məclisə qonaq gəlirlər. Bir sıra problemlərin həlli vaxt tələb edir. Amma Bakıdakı türk şəhərciyində, ardınca Göyçay və Şamaxıda da bayraqlar götürülmüşdür. Bununla əlaqədar biz xahiş edərdik ki, Müsavat deputat qrupunun “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında” Qanuna əlavə və dəyişikliklərə dair hazırladığı məsələyə müvafiq komitədə baxılması sürətləndirilsin. Hörmətli Sədrdən bu barədə bir daha xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, hamımıza bəllidir ki, bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması sahəsində kifayət qədər ciddi, çətin və mürəkkəb proseslər gedir. Qərb bir daha Azərbaycana qarşı ikili standartlarını tətbiq etməkdədir, Ermənistan özünün müttəfiqləri tərəfindən müdafiə olunmaqdadır. Çox təəssüf ki, bizə bəlli olan və bəlli olmayan bu və ya digər səbəblər ucbatından münasibətlərin normallaşması üçün protokola rəsmi şəkildə imza atılıb. Azərbaycana isə heç bir hüquqi yükü olmayan, hüquqi nüfuzu olmayan şifahi vədlər verilir və sair. Mən əmin deyiləm ki, bu vədlər sona qədər Türkiyənin hakim dairələri tərəfindən müdafiə olunacaq. Məndə bu şübhələr mövcuddur. Ona görə də, cənab Sədr, iki təkliflə çıxış etmək istərdim.
Birinci təklif ondan ibarətdir ki, xarici işlər naziri Minsk qrupunun bütün üzvlərinə müraciət etsin və Minsk qrupunun toplantısı keçirilsin. Həmin toplantıda Ermənistanın təcavüzkar siyasətinə son qoyulması məsələsi müzakirəyə çıxarılsın və mümkün olsa, Ermənistana qarşı sanksiya tətbiq olunsun.
İkinci təklifim birbaşa parlamentlə bağlı təklifdir. Minsk qrupuna daxil olan ölkələrin parlamentləri ilə Azərbaycan parlamenti arasında əlaqələr daha intensiv şəkildə qurulsun. Mən sizə söyləyim ki, bu yaxınlarda 11 nəfər deputatın Türkiyəyə etdiyi səfər çox əhəmiyyətli səfər idi. Mən bunu yüksək qiymətləndirirəm. Bahar xanım da buna yüksək qiymət verdi, Siz də, cənab Sədr, buna yüksək qiymət verdiniz. Düşünürəm ki, bu praktika davam etdirilməlidir. Minsk qrupuna daxil olan ölkələrə bu cür səfərlər olmalıdır. Əlaqələr daha da genişləndirilməlidir. İmkanlardan istifadə edib Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması üçün səylərimizi daha da artırmalıyıq. Düşünürəm ki, bu özünün müsbət nəticələrini verə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail müəllim, bu tək sizə aid deyil, mən ümumi fikri demək istəyirəm. Türkiyə–Ermənistan məsələləri haqqında xeyli danışmışıq, artıq hər tərəfin söhbətlərinə qulaq asmışıq və hər iki tərəf öz mövqelərini bildirib. Hesab edirəm ki, Türkiyə–Azərbaycan münasibətlərinə xələl dəyməsini heç kim istəmir. Ona görə də bu məsələni şişirtmək lazım deyil. İşlər öz axarı ilə gedir. Bu saat xarici işlər naziri Lüksemburqda Türkiyənin nümayəndələri, Minsk qrupunun üzvləri ilə danışıqlarda iştirak edir. Bunlar hamısı yavaş-yavaş aydınlaşacaqdır. Ona görə, xahiş edirəm, bu məsələni qabartmayaq. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar, dəyərli mətbuat nümayəndələri! Türkiyə–Ermənistan münasibətlərinin vəziyyəti barədə artıq həftələrdir müzakirələr gedir. Mən əminəm ki, Azərbaycan–Türkiyə münasibətlərinin korlanmasını və pisləşməsini istəyən qüvvələr olsa da, türk xalqı və Azərbaycan xalqı həmin qüvvələrə imkan verməyəcək. Mən bu məsələnin, ümumiyyətlə, Sədrin də dediyi kimi, daha çox müzakirə mövzusu olmasının tərəfdarı deyiləm, çünki Azərbaycanın da, Türkiyənin də ictimaiyyəti fikirlərini ortaya qoyub və bu məsələlər həllini tapacaq.
Cənab Sədr, Sumqayıtda, bilirsiniz ki, ən iri sənaye müəssisələrindən olan “Azərkimya” Dövlət Şirkəti 3 ay – fevral, mart, aprel aylarında əməkdaşlarına əmək haqqı verməyib və verilməyən əmək haqları barədə heç bir fikir səsləndirilmir. İnsanlar əmək haqlarını tələb etdikdə iş yerlərindən kənar olunurlar, məhkəmələrdə sürünürlər. Bəzi hallarda məhkəmələr qərar vermələrinə baxmayaraq, onların işə bərpası da təmin olunmur. Bu məsələ burada dəfələrlə səslənib. Artıq mən özümə söz vermişdim ki, “Azərikimya” haqqında danışmayacağam. Ancaq mümkün deyil, ona görə ki, Sumqayıt əhalisinin 30–40 faizi bu şirkətdən dolanır. Orada işləyən valideynlər övladlarını, ailələrini şirkətdən aldıqları əmək haqqı ilə dolandırırlar. Mən hesab edirəm, Sumqayıt “Azərikimya” şirkətində çalışan insanların 3 aylıq əmək haqlarının qaytarılması ilə bağlı hökumət qarşısında Sizin də məsələ qaldırmağınıza böyük ehtiyac var.
Cənab Sədr, bir məsələni də qeyd edim. Bilirsiniz ki, qarşıdan, dekabr ayında bələdiyyə seçkiləri gəlir. Azərbaycanda bələdiyyə seçkilərinin iqtidarlı-müxalifətli normal demokratik şəraitdə keçirilməsini təmin etməyin yolu seçki komissiyalarının tərkibinin dəyişdirilməsindən keçir. Bu barədə biz qanun layihəsi təqdim etmişdik. Düşünürəm ki, cənab Sədr, Siz də, hakimiyyət də maraqlı olmalıdır ki, bələdiyyə seçkiləri normal, demokratik şəraitdə keçirilsin. Heç olmasa, bələdiyyə seçkiləri barədə ölkəmizə bu və ya digər beynəlxalq təşkilatlar tərəfindən hansısa bir təpkilər, iradlar gəlməsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Amma heç narahatlığa əsas yoxdur. Bələdiyyə seçkiləri çox normal, demokratik keçəcəkdir. Bizim narahatlığımız yoxdur, sizin də narahatlığınız olmasın. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən iki aktual mövzuya toxunmaq istəyirəm. Birinci, Azərbaycanda mülkiyyət toxunulmazlığı ilə bağlı məsələnin üzərinə yenidən qayıtmaq istəyirəm. Bizə çoxsaylı müraciətlər olub. Heydər Əliyev prospekti, 19 ünvanında yerləşən, xüsusi mülkiyyətdə olan obyektlər, yəni vətəndaşın auksion qaydasında tam qanuni yolla əldə etdiyi özəlləşdirilmiş müəssisələr bir ildən artıqdır sökülübdür, indiyə qədər də kompensasiya verilməyib.
Ümumiyyətlə, mən hər zaman bunu vurğulayıram, dövlətin siması onun mülkiyyətə münasibəti ilə müəyyən olunur. Diqqət eləsəniz, görərsiniz, Türkiyədə, İstanbulda köhnə erməni evlərinə belə toxunmurlar. Bütün binanı təmir edirlər, amma üç-dörd ev xaraba vəziyyətdə olsa da qalır, dünyaya göstərmək istəyirlər ki, yüz il bundan öncə hətta bizimlə düşmənçilik edən insanların belə mülkiyyətinə biz toxunmuruq. Ona görə də bu ölkəyə kapital yatırmaq, pul qoymaq olar. Ona görə də bu cür sökülən müəssisələrin, heç bir əsas olmadan, qeyri-qanuni yolla sökülən obyektlərin, insanların yaşayış evlərinin kompensasiyası məsələsi ciddi şəkildə hökumət səviyyəsində müzakirə olunub, həllini tapmalıdır. Bu, ölkənin etibarını zədələyən ən başlıca məsələlərdən biridir.
İkinci, çox sayda təqaüdçülər müraciət edirlər. Bu gün təqaüd yaşının artırılması ilə bağlı məsələ müzakirə olunacaq. Bu bankomatlar ortaya çıxanda hamıda elə təsəvvür yarandı ki, artıq təqaüdçü 1–2 manatını hansısa kassirdə saxlamayacaq, heç olmasa, onu da cibində evinə çörək almaq üçün aparacaqdır və növbələr, çətinliklər qurtardı. Amma bu gün bankomatların qarşısında növbələr bir-birini əvəzləyir. İnsan dəhşətə gəlir ki, 60, 70, 80 yaşında insanlar növbəyə dururlar ki, bir gün ərzində pensiyalarını alsınlar. Hətta orada da bəzən pul nişanları lazım olan səviyyədə çatmır. Deyək, pensiya 80 manatdır. Orada ancaq iki 50 manat ala bilər. 50 manatını götürür, 3–4 gündən sonra yenidən bir də 60–70 yaşında adam məcbur olub qayıdır ki, oradan pul götürsün, öz dolanışığını təmin etsin. Çox yerdə süni surətdə bu bankomatlar qoyulmur. Ona görə qoyulmur ki, müəyyən bankomatlarda 1–2 manatın tutulması ilə müəyyən adamlar gəlir götürə bilirlər. Ona görə də bu məsələnin üzərində, məncə, dayanmaq lazımdır. Rəsmi şəkildə bankların bankomatlarla daha çox təmin olunmasına şərait yaratmaq lazımdır. Biz Milli Məclisdə bunu rahatlıqla götürürük, sağ olun, şərait yaratmısınız. Amma vətəndaş bunu edə bilmir. Ona görə də mən bu məsələyə də xüsusi diqqət yetirilməsini xahiş edirəm. Təqaüdçülərin təqaüdləri onların dolanışıqlarına yetərli olmasa da, heç olmasa, əziyyətsiz pullarını ala bilsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bankomatlarda 1–2 manat mənimsəmək mümkün deyil, ancaq bankomatların alınması məsələsi var. İndi bankomatlar çatışmır, azdır. Bankomatlar alınır, artıq bu məsələ üzrə iş gedir. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən gec də olsa, deputatlara yaradılan şəraitə görə ölkə Prezidentinə və Milli Məclisin rəhbərliyinə öz minnətdarlığımı bildirmək istərdim. Doğrudan da, bu iş gərgin zəhmət, yüksək zövq, ən əsası isə böyük vəsait tələb edirdi. Demək olar ki, qarşıya qoyulan məqsədə yüz faiz nail olundu və Milli Məclis zahirən gözəl bir məkana çevrildi. Lakin insan elə məxluqdur ki, yaxşıya tez alışır və irəliyə getməyə can atır. Bizə ayrılan yeni, gözəl kabinetdə yeni enerji ilə, yeni üsul ilə işləmək həvəsindəyik. Ona görə də mən sıravi deputatlar üçün vacib olan bir məsələyə – köməkçi məsələsinə toxunmaq istərdim.
Bir sıra deputatlar rəhbərliyin tələb etdiyi kimi, öz köməkçilərini rayondan seçdilər və onları rayonda yerləşdirdilər. Bu da məntiqli idi, çünki beləliklə, deputat və seçici arasında daima əlaqə yaradılır, köməkçi bu və ya digər problemi operativ surətdə həll edə bilir, deputatın tapşırığını yerindəcə yoxlayır. Bununla belə, işimizin 70–80 faizi yenə də bu binaya dirənir. Yəni filankəsin haqqında məktub yazmaq, filankəsin haqqında zəng etmək, hansısa nazirliyə, ya komitəyə getmək və sair. Mən bizim qanunvericiliklə bağlı işlərimizi nəzərdə tutmuram. Halbuki qanun layihələrini, ya da qanuna dəyişiklik etmək təşəbbüslərinin hazırlanması, xüsusi ədəbiyyatın axtarışı, məktubların yazılması, işimizin hüquqi və texniki tərəfi – bütün bunlar köməkçiyə olan tələbatımızı artırır. Başa düşürəm, burada oturan deputatların müəyyən hissəsi vəzifə sahibləridir. Rektorlar, şirkət rəhbərləri, partiya liderləri var və onların hüzurunda onsuz da böyük qrup insan dayanır. Lakin sıravi deputatlar da az deyil. Onlar bütün bu sadaladığım işləri Bakıda təkbaşına görməli olurlar. İnanın ki, belə vəziyyət işin səmərəliyinə xələl gətirir.
Bu günlərdə yeni ilin büdcəsi müzakirə olunacaq. Çox xahiş edirəm, deputatlara ikinci köməkçi ştatının verilməsi məsələsinə baxılsın. İndi, maşallah, şərait də var, hər kəs köməkçisini öz otağında yerləşdirəcək və heç kim bir-birinə mane olmayacaqdır. Nəzərə alsaq ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 21-ci maddəsində deyilir: deputatın fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun köməkçiləri ola bilərlər. Köməkçilər cəm şəklində göstərilir. İkinci köməkçi ştatı təyin edildikdə bu qanuna dəyişiklik etmək də lazım olmayacaq. Çox xahiş edərdim ki, bu məsələyə payız sessiyasında və büdcənin müzakirəsində baxaq və mümkünsə, həll edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Siz ikinci dəfədir, köməkçi barədə məsələ qaldırırsınız. Ancaq həmin qanunda yazılmayıb ki, bu məsələnin həlli üçün maliyyə vəsaiti haradan ayrılmalıdır. 15 ildə ilk dəfə bir köməkçi təyin etmək imkanı oldu. Amma Siz təklif etmişdiniz ki, bir köməkçinin maaşı iki nəfərə ayrılsın. Dedik ki, olmaz. Köməkçi saxlamaq istəyirsinizsə, deputat kimi köməkçi saxlayın. Amma biz birinin maliyyə təminatını veririk. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Bu gün gündəlikdə qanun layihəsi çoxdur. Gündəliyə daxil olan qanun layihəsi ilə əlaqədar fikrimi bildirməzdən əvvəl bir neçə məsələyə toxunmaq istəyirəm. Bu məsələlərdən biri ondan ibarətdir ki, biz dəfələrlə Azərbaycana qarşı haqsız fikirlərin, şərhlərin şahidi olmuşuq və bəzi dövlətlərin ikili, üçlü, beşli standartlarını müşahidə etmişik. Bu, Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrdən bu tərəfə davam edir. Bu yaxınlarda da aparıcı dövlətlərdən birinin nümayəndəsinin fikirləri Azərbaycan mətbuatında yazılır və televiziya kanallarında tez-tez göstərilir. Azərbaycanı Ermənistanla, başqa-başqa dövlətlərlə müqayisə edir, işğalçı bir dövlətlə işğala məruz qalan bir ölkənin müqayisəsini aparır, halbuki o, işğalçıya öz yerini göstərməli və ATƏT-in həmsədri, yaxud BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi bilavasitə bu vəzifəni yerinə yetirməlidir. Bunun əvəzinə isə o, altdan-altdan maliyyə dəstəyi və başqa dəstəklərin verilməsi, Türkiyənin sərhədləri açması uğrunda gecə-gündüz ədalətsiz şəkildə mübarizə aparır. Bu addımların atılması haqqında fikirlərinin geniş müzakirəyə ehtiyac olduğu halda Azərbaycandakı vəziyyətlə bağlı fikir söyləyir.
Hakimiyyətin mənbəyi xalqdır. Azərbaycan Konstitusiyasında da bu göstərilib. Azərbaycanda həmişə azad, ədalətli, demokratik seçkilər yolu ilə hakimiyyət formalaşıbdır. Hər kəs öz ölkəsinin daxili problemləri ilə məşğul olsun, başqasının ərazisində hərbi polis rolunu oynamağı birdəfəlik yaddan çıxarsın. Biz bunların şahidi olmuşuq. Rəngli inqilablar təşkil eləmək istəyənlər həmin ölkələri hansı vəziyyətə saldılar? Hamı bunun şahididir ki, son anlarda da Gürcüstanı tamamilə kənarda qoydular və hərəsi çəkildi bir qırağa, qaçdı. Sadəcə olaraq, təəssüfləndiklərini bildirdilər və Gürcüstanı çox ağır tənəzzül prosesləri ilə qarşı-qarşıya qoydular. Həlledici məqamlar oldu. Ona görə də, bilirsiniz, belə adamların bu cür məsuliyyətsiz bəyanatlarına, mən hesab edirəm, parlament üzvləri tərəfindən də münasibət bildirilməlidir. Həmin ölkənin konqresinə, səfirliyinə müraciət edilməlidir ki, hər kəs öz ölkəsi haqqında fikir söyləsin.
Yarım dəqiqə də bələdiyyə seçkiləri ilə əlaqədar demək istəyirəm. Burada məsələ qaldırıldı. Namizədlərin irəli sürülməsinə cəmi 16 gün vaxt qalıbdır, bu gün mən tam əminliklə deyə bilərəm ki, müxalifət partiyalarından bir-ikisini çıxmaq şərti ilə nə Müsavat, nə də digər partiyalardan bir nəfərin də namizədliyi irəli sürülməyib. Partiya kimi bunlar seçki prosesində iştirak edə bilmirlərsə, ədalətli, demokratik seçkiləri biz tam təmin edirik.
Sədrlik edən. Sağ olun. Artıq müzakirələr bitdi. Keçirik gündəliyə. Xahiş edirəm, vaxt qurtardı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Zahid Orucov.
Z. Orucov. Oqtay müəllim, mən Sizə çox təşəkkür edirəm, minnətdaram. Hörmətli həmkarlar, mən Siyavuş Novruzovun qaldırdığı, bir az eyhamla ifadə etdiyi məsələyə daha dərindən toxunmaq istərdim. Söhbət 21–22 oktyabrda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Baydenin Rumıniyada tələbələr qarşısında çıxışı zamanı Azərbaycanı da adı keçən bəyanatda səsləndirməsidir. Keçmiş dövrlərdə də biz buna bənzər mövqeləri görmüşdük. Əslində, parlamentdə buna yer vermək, hansısa bir ton yaratmaq, bəlkə də onun fikrini tirajlandırmaq istəməzdim. Amma məsələ burasındadır ki, Azərbaycanın bir sıra mediasında bu, ayrı-ayrı siyasi qüvvələrin hakimiyyətə gedən yolunun açılması, məhz o qüvvələrə dəstək, hakimiyyətə təsir və sair kimi şərh olunmağa başladı.
Yazıqlar olsun, bəzi qüvvələr düşünürlər ki, Qafqazda son gərgin proseslər fonunda Azərbaycana hansısa böyük ssenarilər qəbul etdirmək üçün yenə də ənənəvi demokratiya və insan haqları məsələsi işə salınacaqdır və bu vasitə ilə Azərbaycan hakimiyyətinin mövqelərini geri atmaq olar. Bolşeviklər zamanında öz xalqı və hakimiyyəti ilə bağlı Qərbin ssenarisində çox mənfi rol oynayıblar. Kimsə Azərbaycanda bu rolu oynamaq istəyirsə, həmin qüvvələrin milli mənsubiyyətinə mən şübhə edirəm. Amerika Birləşmiş Ştatlarının bu bölgədə də demokratiya quruculuğuna mən çox dəstək verirəm. Bunu Qarabağdan başlamaq çox yaxşı olardı, çünki həmin bölgədə on illərdir ki, hərbi xunta hakimiyyətdədir. Bu bölgəyə verilən vəsaitlər təyinatından kənara gedir. Azərbaycanın demokratiya quruculuğuna ən böyük zərbəni işğal reallığı vurur. Ərazi bütövlüyümüzün təminatı çox böyük imkanlar açardı, demokratiyanı da yüz faizli standarta yaxınlaşdırardı.
Mən Amerika Birləşmiş Ştatlarının İraqa daxil olmasını alqışlayan, Səddam Hüseyn kimi tiranın devrilməsini bəyənən adamlardanam, açıq deyirəm. Amma tarix sübut etdi ki, tomaqavk raketləri ilə demokratiya qurmaq mümkün deyil. Hər bir ölkənin keçdiyi tarixi yol var. Beynəlxalq aləmin də borcudur ki, bu insanların tarixinə, mental ənənələrinə və apardığı mübarizənin nəticəsinə hörmətlə yanaşsın. Bütün hallarda demokratiya Azərbaycan xalqının öz quruculuğunun məhsulu olacaqdır. Mən düşünürəm ki, bu mənada Siyavuş Novruzovun qeyd etdiyi kimi, Azərbaycanın Ermənistanla və Belarusla eyni yerə qoyulması bizi aşağılayan bir mövqedir. Ermənistan işğalçıdır, işğalçı ölkə demokratik ölkə ola bilməz. Bu bir aksiomaya çevrilməlidir. Mənə elə gəlir ki, beynəlxalq aləm bunu birdəfəlik nəzərə almalıdır.
Azərbaycanda ən demokratik siyasəti yürüdən lider İlham Əliyevdir. Onun bütün keyfiyyətləri məhz demokratik lider keyfiyyətləridir. Bu mənim içərimdən gələn bir fikirdir. Yəni mən burada siyasi konyunktura demirəm. Ona görə hesab edirəm ki, bu məsələlərlə bağlı Azərbaycanın mövqeyi səfirliyə bildirilməlidir. Amerika Birləşmiş Ştatlarına bunları çatdıraraq biz bərabərhüquqlu tərəfdaş olmaq istədiyimizi hər zaman göstərməliyik. Yəni Azərbaycan sovetlər rejimində yaşamır ki, kimsə gəlib bizim üzərimizdə hansısa əməliyyatı aparsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqındadır. Söz verilir daxili işlər nazirinin müavini Vilayət Eyvazova.
V. Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Transmilli mütəşəkkil cinayətkarlığa, onun təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizə ölkəmizdə hüquq mühafizə fəaliyyətinin başlıca istiqamətlərindən biri olmaqla, bu sahəyə dövlət, hökumət və parlament səviyyəsində böyük diqqət göstərilir.
Ölkə Prezidentinin sərəncamı ilə 2004-cü ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” əsasında son beş ildə bir sıra zəruri tədbirlər həyata keçirilmiş, möhkəm qanunvericilik bazası yaradılmış, əhəmiyyətli nəticələr əldə edilmişdir.
Hökumət tərəfindən insan alveri qurbanları üçün sığınacağın fəaliyyətini, qurbanların sosial reabilitasiyasını, onların dərhal və maneəsiz xüsusi polis qurumuna təhvil verilməsini tənzimləyən qaydalar, “Qaynar xətt”in Nizamnaməsi, Qurbanlara Kömək Fondu haqqında Əsasnamə və sair normativ sənədlər qəbul olunmuşdur.
Cinayətlərin qurbanlarının, həmçinin potensial qurbanların müvəqqəti yaşaması üçün sığınacaq və 24 saat ərzində pulsuz xidmət göstərən əlaqə telefonu, qeyri-hökumət təşkilatlarının əməkdaşları ilə komplektləşdirilmiş “Qaynar xətt” istifadəyə verilmiş, Daxili İşlər Nazirliyinin veb-saytında lazımi izahedici məlumatları əks etdirən xüsusi bölmə yaradılmışdır.
“Qaynar xətt”in və sığınacağın normal fəaliyyəti, orada çalışanların maaşlarının ödənilməsi, qurbanların ərzaq, tibbi və sair ləvazimatlarla təmin edilməsi məqsədlə nazirliyin büdcəsindən hər il orta hesabla 52 min manat, habelə qurbanlara birdəfəlik müavinətlərin verilməsinə 5 min manatadək vəsait xərclənmişdir. 2008-ci ildə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası”na uyğun olaraq insan alveri ilə mübarizəyə dair layihələrə 85 min manat qrant ayrılmışdır.
2005–2008-ci illərdə və cari ilin ötən dövründə insan alveri və ictimai mənəviyyat əleyhinə cinayətlərlə bağlı aşkarlanmış 1298 fakt üzrə 1185 nəfər məsuliyyətə cəlb olunmuş, 192 cinayətkar qrup, o cümlədən 15 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin təmini baxımından beynəlxalq axtarışı elan edilmiş şəxslərdən 22 nəfəri İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilmiş və hazırda 44 nəfərin axtarışı davam etdirilir.
Görülən işlər barədə hesabatlar 2007 və 2008-ci illərdə Milli Məclisdə dinlənilmiş, habelə Azərbaycan Respublikasının Prezidentinə və Ombudsman Aparatına təqdim olunmuşdur. Ötən ilin sonunda Milli Fəaliyyət Planının icrası başa çatdığından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin, Milli Fəaliyyət Proqramının iştirakçısı olan dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, habelə aidiyyəti beynəlxalq qurumların təklif və rəyləri əsasında 2009–2013-cü illəri əhatə edən yeni Milli Fəaliyyət Planı hazırlanmış və cari ilin fevral ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmişdir.
Respublikanın bir sıra nazirlik və dövlət komitələrinin əməkdaşlarından ibarət yaradılmış işçi qrup qarşıda duran vəzifələrin həllinə yüksək məsuliyyətlə yanaşaraq, Milli Fəaliyyət Planından irəli gələn tədbirləri ardıcıllıqla yerinə yetirmişdir. Belə ki, müvafiq sahədə fəaliyyətin hüquqi-normativ bazasının genişləndirilməsinin zəruriliyi nəzərə alınaraq, “İnsan alveri qurbanları ilə bağlı milli istiqamətləndirmə mexanizmi Qaydaları”, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorlar)” hazırlanmış və cari ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmişdir.
Milli istiqamətləndirmə mexanizminin səmərəli həyata keçirilməsi üçün respublikanın 14 nazirlik, xidmət və komitəsini təmsil edən nümayəndələrdən ibarət idarələrarası komissiya yaradılmış və onun işinin təşkili qaydası təsdiq edilmişdir. Həmçinin insan alverinə qarşı mübarizədə iştirak edən dövlət orqanlarının xüsusi polis qurumu ilə qarşılıqlı fəaliyyətinin təmini məqsədi ilə əlaqələndirici qismində əməkdaşlar müəyyən olunmuşdur.
Qarşıda duran vacib məsələlərdən biri də insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin mərhələlərlə artırılaraq, xarici dövlətlərdə mövcud olan məbləğə – təxminən 600 manat səviyyəsinə çatdırılması olmuşdur. Bununla əlaqədar Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmış və bu yaxınlarda həmin məsələlər öz həllini tapacaqdır.
Azərbaycan Respublikasının “İnsan alverinə qarşı fəaliyyət üzrə Avropa Şurası Konvensiyası”na qoşulması üçün Xarici İşlər Nazirliyi ilə birgə zəruri hazırlıq işləri də davam etdirilir. 2009-cu ilin iyun ayında Milli Məclis üzvlərinin, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların, ayrı-ayrı səfirliklərin, bir sıra qeyri-hökumət təşkilatlarının və hüquq mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş elmi-praktik konfransda konvensiyanın müddəaları hərtərəfli müzakirə olunaraq, müvafiq tövsiyələr hazırlamışdır.
Görülmüş işlərin nəticələri vahid sənəd şəklində ümumiləşdirilmiş və zəruri prosedurlardan keçirildikdən sonra Nazirlər Kabinetinə təqdim olunmuşdur.
İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, Cinayət Məcəlləsinə hüquqi şəxslərin məsuliyyətini müəyyən edən əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Xarici İşlər nazirliklərinin əməkdaşlarından, habelə Azərbaycan Respublikası Ali Məhkəməsində yaradılmış işçi qrupları tərəfindən müvafiq qanun layihələri hazırlanmışdır.
Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və digər ictimai birliklərlə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə də önəm verilmişdir. Bu ilin mart ayında Daxili İşlər Nazirliyi ilə özündə 45 qeyri-hökumət təşkilatını birləşdirən İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmış və Milli Fəaliyyət Planının başlıca istiqamətlərindən olan maarifləndirmə tədbirlərinin birgə həyata keçirilməsi üzrə xüsusi tədbirlər planı hazırlanıb icraya yönəldilmişdir.
Cari ilin aprel və oktyabr aylarında Milli Koordinator yanında işçi qrupun və qeyri-hökumət təşkilatları koalisiyası nümayəndələrinin görüşləri keçirilmiş, insan alverinə qarşı mübarizənin mövcud vəziyyəti, qurbanların müdafiəsi, Milli Fəaliyyət Planının icrası, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə müzakirələr və məlumat mübadiləsi aparılmışdır.
Bununla bərabər, insan alverinə qarşı mübarizədə geniş auditoriyaya ünvanlanmış maarifləndirmə və təbliğat işinə də xüsusi yer ayrılmışdır. Respublikanın 15 şəhər və rayonunda kütləvi tədbirlər təşkil edilmiş, iştirakçılara bukletlər, məlumat-yaddaş kitabçaları paylanmış, “152” telefon xidmətinin reklam çarxları nümayiş etdirilmişdir. Tədbirlərdə “Qaynar xətt”in və sığınacağın fəaliyyəti, habelə insan alverinə qarşı mübarizədə iştirak edən qeyri-hökumət təşkilatları haqqında ətraflı məlumatlar verilmişdir.
Müvafiq cinayətlərin profilaktikasında xüsusi əhəmiyyət kəsb edən kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunmuşdur. Görülən işlər, əldə olunan nəticələr bir sıra qəzetlərdə, televiziya və radio kanallarında işıqlandırılmışdır.
Nazirliyin büdcə vəsaiti hesabına insan alverinə qarşı mübarizə idarəsində veb-sayt yaradılmış və bu ilin may ayında fəaliyyətə başlamışdır. Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşları tərəfindən “Təmiz dünya”, “Sahibsiz uşaqlara kömək”, “XXI əsrin qadınları” qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə respublikanın 55 şəhər və rayonunda yerli icra hakimiyyəti, bələdiyyə və polis orqanları, tibb, təhsil, məşğulluq mərkəzləri, nəqliyyat, gənclər və idman təşkilatları, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün seminarlar keçirilmişdir.
Sözügedən cinayətlərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması da diqqət mərkəzindədir. Ayrı-ayrı vaxtlarda Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının rəhbərliyi birləşmiş millətlər təşkilatının və beynəlxalq miqrasiya təşkilatının Azərbaycandakı nümayəndəliklərinin, Beynəlxalq Əmək Təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının, ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin mütəxəssis və ekspertləri ilə bir sıra aktual problemlərlə müzakirə aparmışdır.
Təyinat ölkələrindən olan Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, İran və Türkiyə ilə mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə hüquqi yardım çərçivəsində məlumat mübadiləsi daha böyük fəallıqla davam etdirilmişdir. Amerika Birləşmiş Ştatları, Avstriya, Bolqarıstan, Latviya, Rumıniya, Çin, Misir və sair ölkələrin aidiyyəti qurumları, habelə BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, İnterpolun Baş Katibliyi ilə əməkdaşlıq münasibətləri də intensiv və səmərəli olmuşdur.
Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları Avstriya, İsveçrə, Finlandiya, Serbiya və Türkiyədə keçirilən təlim və treyninqlərə cəlb edilmişlər.
Eyni zamanda, Avropa Komissiyası, ATƏT, Beynəlxalq Əmək və Beynəlxalq Miqrasiya Təşkilatları nümayəndələrinin və ekspertlərinin iştirakı ilə ölkəmizdə “İnsan alverinə qarşı mübarizədə cavab mexanizmlərinin gücləndirilməsi”, “İnsan alveri qurbanları üçün sığınacağın və qaynar xəttin idarə olunması üzrə ölkə potensialının artırılması”, “Azərbaycanda insan alverinin qarşısının alınmasında orta məktəb təhsilinin əhəmiyyəti”, “Uşaqların insan alverinə məruz qalmasının qarşısının alınması” layihələri çərçivəsində təlimlər keçirilmişdir.
Uşaq baxımsızlığının profilaktikası işinin təşkili üzrə geniş tədbirlər kampaniyası orta təhsil məktəblərini də əhatə etmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının “İnsan alveri ilə bağlı orta məktəblərdə təhsil modulunun hazırlanması” layihəsi çərçivəsində respublikanın və paytaxtın 17 orta təhsil məktəbində və liseyində, habelə uşaq evlərində və internat məktəblərində tədbirlər təşkil edilmiş, şagird və müəllimlərə insan alverinin doğurduğu təhlükələr, “Qaynar xətt” xidməti haqqında ətraflı məlumatlar verilmiş, maarifləndirici vəsaitlər paylanmışdır. Cari ilin sentyabr ayında isə müxtəlif şəhər və rayonların orta təhsil məktəblərində “İnsan və cəmiyyət” fənnini tədris edən müəllimlər üçün insan alveri, onun doğurduğu təhlükələr və bu sahədə mümkün qabaqlayıcı təşəbbüslərin həyata keçirilməsinin yolları” mövzusunda təlimlər keçirilmişdir.
Eyni zamanda, uşaqlar üçün zəruri avadanlıqla təmin edilmiş sığınacaq da yaradılaraq cari ilin oktyabr ayında fəaliyyətə başlamışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən isə uşaqların sığınacağa yerləşdirilməsi və saxlanılmasına dair qaydalar hazırlanıb Nazirlər Kabinetinə təqdim olunmuşdur.
Ümumən, qarşıda duran vəzifələrin sistemli şəkildə yerinə yetirilməsi və məqsədyönlü fəaliyyət müəyyən müsbət nəticələrin əldə olunmasını, o cümlədən əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını, onun inkişaf meyillərinin izlənilməsini, əhalinin müxtəlif qrupları üzrə cinayətin qurbanlarının aşkar edilib vaxtında qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirmişdir.
2009-cu ilin ötən dövrü ərzində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 71 cinayət faktı aşkar edilmiş, onları törədən 68 nəfərdən ibarət 18 cinayətkar qrup, o cümlədən 1 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Cinayətlərin açılmasında iştirak etmiş 19 şəxs Daxili İşlər Nazirliyinin əmri ilə mükafatlandırılmışlar.
Cinayətlərin qurbanı olan 82 nəfərdən 47-i, o cümlədən bir uşaq sığınacağa yerləşdirilmiş, onlara hüquqi, tibbi və psixoloji yardımlar göstərilmiş, əksəriyyəti cəmiyyətə reinteqrasiya olunmuşdur. Qurbanlardan 17 nəfəri işlə təmin edilmiş, 32 nəfər peşə kurslarına, o cümlədən 9-u Azərbaycan Sahibkarlar Konfederasiyasının yardımı ilə sahibkarlıq kursuna göndərilərək müvafiq sertifikatlarla təmin olunmuşlar.
Sığınacaqda insan alveri qurbanlarına və ehtimal olunan qurbanlara tibbi, hüquqi və digər yardımların göstərilməsi işinin təkmilləşdirilməsi üzrə bir sıra əlavə tədbirlər həyata keçirilmiş, onlara səhiyyə xidməti göstərən tibb müəssisələrinin sayı artırılmışdır. Qurbanların himayəsində olan azyaşlılara da müvafiq yardımlar edilmiş, habelə Təhsil Nazirliyi tərəfindən bır uşaq internat məktəbinə, 3-ü uşaq bağçasına yerləşdirilmişdir.
Bundan əlavə insan alverindən zərər çəkmiş 76 nəfərə birdəfəlik müavinətlər, 43 nəfərə İnsan Alveri Qurbanlarına Kömək Fondundan yardımlar verilmiş, 11 qurbana cinayət nəticəsində dəymiş maddi ziyan məhkəmə proseslərində ödətdirilmişdir.
Məlumat üçün diqqətə çatdırmaq istərdim ki, “Qaynar xətt” telefon xidmətinə daxil olan 5163 zəngdən 8-i insan alveri, 27-i əxlaqsız yuvaları saxlama və fahişəliyə cəlb etmə cinayətləri, digərləri isə xarici ölkələrdə işə düzəlmək, təhsil almaq, əcnəbilərlə nikahdan ortaya çıxan problemlərlə əlaqədar məsləhət almaq və sair məsələlərlə əlaqədar olmuşdur.
İnsan alverinə şərait yaradan ictimai mənəviyyat əleyhinə cinayətlərlə bağlı 217 fakt aşkarlanaraq onları törətmiş 160 nəfər məsuliyyətə cəlb edilmiş, habelə 749 qadın barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülmüşdür.
Hörmətli millət vəkilləri, artıq 5 ildir Azərbaycan Respublikası beynəlxalq səviyyədə insan alverinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Milli Fəaliyyət Planına uyğun, eləcə də beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla həyata keçirilmiş tədbirlər milli maraqlar baxımından da böyük əhəmiyyət kəsb etdiyindən bu işə hesabatın da əvvəlində qeyd etdiyim kimi, dövlət, parlament, hökumət səviyyəsində həssaslıqla yanaşılmış və qarşıda duran vəzifələr mərhələlərlə öz həllini tapmışdır.
Lakin bütün bunlara baxmayaraq, göstərilən sahədə zəruri tədbirlərin görülməməsi, əhalinin az qala yarısının insan alverinin qurbanı və ya bu cinayətin iştirakçısı olması barədə uydurma məlumatların ayrı-ayrı qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri tərəfindən beynəlxalq təşkilatlara və xarici dövlətlərə ötürülməsinin qərəzli mövqeyi ilə seçilən “beynəlxalq ekspertlərin” simasında öz ünvanını taparaq ölkəmizə qarşı təzyiq alətinə çevrilir. İnsan alverinə qarşı dövlət səviyyəsində həyata keçirilən və cəmiyyətə böyük fayda gətirən işlərin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməməsinə nail olmaq məqsədi daşıyan belə məlumatlar isə nəticə etibarilə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin 2008-ci il üçün müvafiq hesabatına daxil edilmişdir.
Həmin sənəddə Azərbaycan insan alveri problemlərinin aradan qaldırılması üçün hökumət tərəfindən göstərilən səyləri minimal standartlara uyğun gəlməyən bir ölkə kimi qeyd olunmuşdur. Biz insan alverinə qarşı mübarizədə digər dövlətlərdə həyata keçirilən fəaliyyət barədə kifayət qədər məlumatlıyıq. Müvafiq sahədə görülən işlər və əldə olunmuş nəticələr adı çəkilən hesabatda Azərbaycandan öndə göstərilən dövlətlərdən heç də geri deyil və bir çox sahələrdə ölkəmiz daha irəlidədir.
Bu mənada qeyd edim ki, insan alverinə qarşı mübarizədə həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi daim diqqət mərkəzində olmaqla bu sahəyə Daxili İşlər Nazirliyinin büdcəsindən hər il orta hesabla 500 min manat vəsait ayrılır. 2009-cu ildə isə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq hökumət tərəfindən 83 min manat qrant müəyyən edilmişdir. İnsan alverinə qarşı mübarizə məqsədlərinə 2004–2008-ci illərdə sərf olunmuş dövlət vəsaitinin ümumi həcmi təxminən 4 milyon manat olmuşdur.
Bütövlükdə reallıq və faktlar, o cümlədən görülən işlər barədə diqqətinizə çatdırdığım məqamlar bu iddiaları tamamilə təkzib edir. Bu gün Azərbaycan cinayətlərin qarşısının alınması, açılması, ictimai asayişin təmini sahəsində həm MDB, həm də Avropa məkanında öncül yerlərdən birini tutursa, nə üçün biz insan alverinə qarşı effektli mübarizə aparmayaq və yaxud da bu sahədə görülən işlərə daha zəif nəzarət edək? Təbii ki, bu belə ola bilməz və bütün cinayətlərə olunan diqqət, nəzarət, bütün cinayətlərin açılması üçün görülən tədbirlər insan alveri cinayətlərinin də qarşısının alınması və bu cinayətlərin, ümumiyyətlə, ifşa olunması istiqamətində səylərimiz digərlərindən geri qalmır ki, bəzi hallarda daha çoxdur. Digər tərəfdən insan alverinin qarşısının alınması, aradan qaldırılması və açılması vəzifələrini yerinə yetirən dövlət orqanları yaxşı bilirlər ki, bu növ cinayətlər özünün mahiyyətinə görə insanların hüquq və azadlıqlarını, şərəf və ləyaqətini tapdalayan, onların sağlamlığı və həyatı üçün ciddi təhlükə törədən, hər bir cəmiyyətin əsaslarını sarsıdan transmilli mütəşəkkil cinayətkarlığın ağır növlərindən biridir.
Bu baxımdan müvafiq sahədə fəaliyyət, ilk növbədə, vətəndaşlarımızın insan alverinin doğurduğu təhlükələrdən qorunmasına, hüquqlarının müdafiəsinə, qurbanların düşdükləri vəziyyətdən xilas edilməsinə, reabilitasiyasına, cəmiyyətə inteqrasiyasına, həmçinin mütəşəkkil cinayətkarlığın əsas maliyyə mənbələrindən birindən məhrum edilməsinə yönəldilmişdir.
Əlbəttə, görüləcək işlər hələ çoxdur və heç bir ölkə təkbaşına bu problemi həll etmək iqtidarında deyildir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İnsan alverinin profilaktikası, qurbanların müdafiəsi, təbliğat və maarifləndirmə işlərinin effektivliyinin artırılması, ümumilikdə, Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası qarşıda duran mühüm vəzifələrdən olmaqla onların yerinə yetirilməsi Azərbaycan Respublikasının qanunlarına, dövlət başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun sistemli şəkildə davam etdirilir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Vilayət müəllim, əyləşin. Hörmətli millət vəkilləri! Ümumiyyətlə, beşinci dəfədir ki, biz bu məlumatı dinləyirik. Bu, məlumatdır. Mən siyahıya baxıram, 15 nəfər millət vəkili çıxışa yazılıb. Bu məlumat hamıya paylanılıb, mən təklif edərdim ki, çıxışlar sual şəklində qoyulsun və ya 3 dəqiqəlik reqlament müəyyən edək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Burada bəziləri fikirləşirlər, dinlədiyimiz Daxili İşlər Nazirliyinin hesabatıdır. Bu, hesabat deyil, məlumatdır. 3 dəqiqəlik reqlament. Bizim çox məsələlərimiz var. Narahatlıq var ki, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsinə vaxt çatmaz. Sizi maraqlandıran suallar varsa, verin. Fazil Mustafa.
F. Mustafa. Təşəkkür edirəm. Mən, əslində, ümumi rəyə tabe olan adamlardan biriyəm. Amma hər halda söz vermisinizsə, sözünüzü yerə salmaq istəmədiyim üçün danışıram. İnsan alverinə qarşı mübarizədə kifayət qədər irəliləyiş var. Xüsusilə də QHT-lərin bu prosesə cəlb olunması vacibdir. 45 QHT-nin dövlət orqanları ilə bir yerdə bu məsələdə iştirak etməsi vacibdir. Amma mənim bir neçə təklifim var. Bu sahədə aparılan mübarizənin istiqamətləri məruzədə də kifayət qədər əhatəli bildirildi. Bu mövzu həmişə tənqidə açıq mövzudur. Azərbaycan da qapalı ölkə olmadığına görə burada həmişə problemlər olacaqdır. Amma buna qarşı mübarizənin daha da gücləndirilməsinə ehtiyac var ki, bu sahədə qurbanların sayı azalsın. Amma hansı təklifləri vermək istəyirəm?
Birinci, fikrimcə, sığınacaqların təbliği ilə bağlı məsələyə xüsusi diqqət yetirilməlidir. Televiziya vasitəsilə sığınacaqlara bir az etimadın artırılması vacibdir. İnsanlar güvənsinlər ki, həqiqətən də, bu qurbanlar həmin sığınacaqlarda normal münasibət görəcək, normal şəraitə düşəcəklər. Birinci növbədə buna xüsusi diqqət yetirilməlidir.
İkinci, bu barədə məlumatda da qeyd olunur. Orta məktəblər səviyyəsində, 9–11-ci sinif müəllimləri ilə bu istiqamətdə maarifləndirici iş aparılır, təlimlər keçirilir. Məncə, şagirdlərlə də birbaşa QHT-lərin və dövlət orqanları nümayəndələri tərəfindən ayda bir dəfədən az olmayaraq bu istiqamətdə maarifləndirmə işi aparılması vacib sayıla bilər. Ən başlıca məqsədlərdən biri vətəndaşların bu məsələdə stimullaşdırılması mexanizminin tapılmasıdır. Çünki dövlət orqanı ayrı-ayrılıqda bu məsələni həll edə bilməz. İnsan haqları, insan alveri ilə bağlı o qədər problemlər, böyük şəbəkələr var ki, bunları ancaq vətəndaşların köməyi ilə dağıtmaq mümkün ola bilər.
Bunu da deyək ki, müavinətlərin artırılması müsbət haldır, 600 manata qaldırılıb. Bu, gələcəkdə daha da artırıla bilər. Zərər dəymiş, əziyyət çəkmiş insanlara bir köməklik olar. Amma, eyni zamanda, insan alveri qurbanlarının tapılması, üzə çıxarılması, onların mühafizə olunması, dövlət orqanlarına, QHT-lərə təqdim edilməsi məsələlərinin stimullaşdırılması mexanizmi doğru tapılsa, məncə, bu istiqamətdə işlər daha yüksək səviyyədə aparıla bilər. Ümumiyyətlə, mən bu məlumatı qənaətbəxş hesab edirəm. Bu sahədə biz hamımız öz köməyimizi göstərməliyik ki, vətəndaşlarımız insan alveri qurbanına çevrilməsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Oqtay müəllim, mən deputat kimi hesab edirəm ki, təklif verməyə hüququm var. Mən təklif edirəm ki, bu məsələni səsə qoyun. Təklif vermək mənim hüququmdur. Bu hüququmdan istifadə edərək deyirəm ki, bu məsələni səsə qoyaq.
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, hörmətli Sədr. Bu çox ciddi məsələdir. İndi maraqlı təkliflər də, sual da ola bilər. Axı, nəyə görə, heç olmasa, yarım saat müzakirə aparmayaq?
Mən bu məlumatı çox yüksək qiymətləndirirəm və demək istəyirəm ki, insan alverinə qarşı mübarizədə maraqlı və mütərəqqi cəhətlər çoxdur. Biri odur ki, indi bu mübarizədə daha çox profilaktik tədbirlərə önəm verilir. İkincisi də bu istiqamətdə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq genişlənir. Ancaq mən bir məsələyə diqqət yetirmək və öz iradımı bildirmək istəyərdim.
ABŞ-ın Dövlət Departamentinin məruzəsində Azərbaycanın tranzit ölkə kimi qeyd edilməsi, məncə, çox absurd və ədalətsiz bir ittihamdır. Eyni sözləri hər bir Avropa ölkəsi haqqında da demək olardı. Əgər Ukraynadan, ya Moldovadan hər hansı bir qadın Türkiyəyə, ya Dubaya gedirsə, onu “detektor lji” adlanan aparata salmayacağıq ki, öyrənək, bu hara hansı məqsədlərlə gedir? Yaxşı olardı ki, ABŞ Dövlət Departamentinin məruzəsində Avropa ölkələrində fahişəliyin leqal formalar alması ilə əlaqədar narahatlıq əks oluna idi. Bəlkə də onların nəzərində fahişəliyin leqal forması beynəlxalq standartlara uyğundur? Bu, ikili standartların ən bariz nümunəsidir və biz buna mütləq münasibətimizi bildirməliyik.
Mənim bir sualım var. 7-ci səhifədə insan alveri ilə bağlı cinayət faktlarının sayı açıqlanır. Məsələn, 31 cinayət faktı qeydə alınıb, 18 cinayətkar qrup zərərsizləşdirilib və sair. Bu statistikaya görə, 2009-cu ildə 2007-ci və 2008-ci illərlə müqayisədə insan alveri ilə bağlı cinayət hadisələri azalıb, ya yox? Əməli nəticələr verir, ya yox? Çox sağ olun.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Şübhəsiz, təqdim olunan məlumat Azərbaycanda insan alverinə qarşı mübarizənin ümumi mənzərəsini göstərir və doğrudan da, respublikada son illərdə bu sahədə xeyli iş görülüb. Mən qeyri-hökumət təşkilatları ilə birlikdə Daxili İşlər Nazirliyinin Rus Dram Teatrında keçirdiyi bir müşavirədə iştirak etmişəm. Bu sahənin geniş mənzərəsi orada əks etdirilir. Bu sənəddə də bunlar hamısı öz əksini tapıb.
Mən bu günlərdə bir məlumat almışam. Mən hörmətli Vilayət müəllimə müraciət etmək istəyirəm ki, bu faktların doğru olub-olmamasını yoxlasınlar və bununla bağlı bir uçot aparılsın. “Serbaz” adlı layihə və tikinti şirkətinin dəvəti ilə son bir il ərzində Azərbaycana Bosniyadan, Serbiyadan, Xorvatiyadan turist vizası ilə 700 nəfərdən çox adam gətirilib. Onlar sonra müxtəlif tikinti sektorlarında qanunsuz olaraq işə cəlb ediliblər. Əsasən, 20–30 yaş arasında olan gənclər bir neçə müddətdən sonra bu işdən uzaqlaşdırılırlar. İndi Bakıda, Badamdarda və şəhərin müxtəlif yerlərində 10–20 nəfərlik qruplar halında evlərdə saxlanılırlar. Onlara son 6 ayın maaşları verilmir. Hər gün 10–15 nəfər maaşları ödənilmədən ölkədən çıxarılır. Gələn gündən aeroportda onların pasportları alınıb, özlərinə isə pasportlarının surəti verilib. Onlar hansı əsaslarla, hansı statusla burada yaşayırlar, niyə tikintiyə cəlb olunublar, niyə onlara əmək haqqı verilmir və niyə hüquqları bərpa olunmadan, əmək haqları verilmədən ölkədən çıxarılırlar, bilən yoxdur? Təsəvvür edin ki, 700 adam Azərbaycan haqqında hansı təəssüratla, hansı fikirlə gedəcək. Onların bəziləri də Mingəçevirdə yaşayırlar. Onları olimpiya mərkəzinin tikintisində, vağzalın ətrafındakı binaların tikintisində və başqa yerlərdə işlədilər. Mən xahiş edirəm ki, bu fakt araşdırılsın. Azərbaycanın nüfuzuna zidd olan, zərbə vura bilən bu fakt dəqiqləşdirilərək, müəyyən ölçü götürülsün. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Serbiyanın Azərbaycanla kontraktı var idi, ona görə gəlmişdilər, digərlərini bilmirəm. Vilayət müəllim, 2 sual oldu.
V. Eyvazov. Hörmətli millət vəkilləri! Hər ikisi maraqlı sualdır. Birinci, Sabir müəllimin sualını cavablandırım. Həqiqətən də, “Serbaz” şirkətinin əməkdaşları ilə bağlı problem Azərbaycan tərəfinin deyil, Serbiyanın, yəni həmin firmanın öz problemidir. Onların əvvəllər Azərbaycana dəvət etdikləri əməkdaşlarını yeniləri ilə əvəzləməklə, yaxud da götürdükləri öhdəlikləri müvafiq qaydada dəyişdirməklə, digər əməkdaşlar cəlb etməklə bağlı problemləri var. Biz araşdırmışıq. Azərbaycan tərəfinin heç bir problemi yoxdur. Sadəcə, firmanın öz problemləridir və yəqin ki, özləri həll edib yoluna qoyacaqlar. Azərbaycanla bağlı narahatlıq yoxdur. Yaxın günlərdə bu fakta görə serblərlə müqavilə bağlayıb onları Azərbaycana dəvət edən müvafiq firma tərəfindən açıqlama verilər.
Elmira xanımın sualı ilə əlaqədar. Təşəkkür edirəm, çox düzgün qeyd etdi ki, bəli, həqiqətən də, Azərbaycanın tranzit ölkə kimi göstərilməsi qeyri-obyektivdir. Bizim heç kəsin Azərbaycandan keçməsinə məhdudiyyət qoymağa ya da onu burada saxlamağa ixtiyarımız qoydur. İnsan alverçisi olsa da, axtarışda elan olunmamışdırsa, yəni əməlində cinayət tərkibi bizə məlum deyilsə, bu adamı cinayətkar kimi tanıyırıqsa, onu da saxlamaq, yoxlamaq ixtiyarımız yoxdur. Azərbaycan hər bir vətəndaş, hər bir şəxs, qaçqın üçün açıq ölkədir.
İnsan alveri faktlarının sayına gəldikdə, deyim ki, insan alveri üzrə 2006-cı ildə 27 fakt, 2007-ci ildə 76 fakt, 2008-ci ildə isə 78 fakt qeydə alınıbdır. Müəyyən nüanslar var. Qeyd etdiyim kimi, bəzi beynəlxalq sənədlərdə Azərbaycanda insan alveri ilə bağlı cinayətlərlə lazımi səviyyədə mübarizə aparılmadığına görə, cinayətlərin qeydə alınması faktlarının az göstərildiyi deyilir. Digər sənədlərdə isə əksinə, Azərbaycanda insan alveri faktlarının artması mənfi hal kimi göstərilir. İnsan alveri cinayəti özlüyündə latent cinayətdir, yəni zərərçəkənlərin böyük əksəriyyəti bizə müraciət etmirlər. Əməliyyat məlumatları, digər mənbələrdən alınmış məlumatlar hesabına həmin cinayətləri müəyyən qurum – İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, yaxud müvafiq istintaq müəyyən edir. Bəzi hallarda insan alveri qurbanı olmuş şəxslərdən bu cinayət haqqında məlumatı xahişlə, onları dilə gətirməklə alırıq. 2008-ci ildə qeydə alınmış cinayətlərin təqribən 30 faizi 2005, 2006, 2007-ci illərdə törədilmiş cinayətlərdir. Bunlar latent cinayət olduğuna görə nə qədər çox fakt aşkar olunursa, bu, əməkdaşların peşəkarlığının, işinin düzgün qurulmasının nəticəsidir. Lakin qurbanların sayının azalması tendensiyası var. Bu isə göstərir ki, həqiqətən, Azərbaycanda insan alverinə qarşı mübarizə düzgün təşkil olunubdur və getdikcə də bu cinayətlərin qurbanı olan vətəndaşlarımızın sayı azalır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, Milli Koordinatorun məlumatının nəzərə alınmasına, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə  104
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  106
Nəticə: qəbul edildi

Çox sağ olun, nəzərə alındı.
Gündəliyin ikinci məsələsinə keçirik. “Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə məsələyə iki komissiyada baxılıb. Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Konvensiyanın 8a maddəsinə aşağıdakı dəyişikliklər nəzərdə tutulur: “Şuranın xüsusi müddəalar tətbiq edəcəyi Gömrük və İqtisadi İttifaqın Üzvləri istisna olmaqla” sözləri əlavə edilir.
Digər dəyişiklik Konvensiyanın 18-ci maddəsinə yeni bəndin əlavə edilməsi ilə bağlıdır. Həmin maddə aşağıdakı kimi oxunur: “Bu maddənin (a), (b), (s) bəndlərinə uyğun olaraq, hər bir Gömrük və ya İqtisadi İttifaq Konvensiyanın İştirakçı tərəfi ola bilər. İştirakçı Tərəf olmaq üçün Gömrük və ya İqtisadi İttifaq tərəfindən edilən hər bir sorğu təsdiq üçün ilk olaraq Şuraya təqdim ediləcəkdir. Bu Konvensiyanın məqsədləri üçün, “Gömrük və ya İqtisadi İttifaq” – Dövlətlər tərəfindən yaradılan və onlardan ibarət, Konvensiya ilə əhatə olunan məsələlərlə əlaqədar bu Dövlətlər üçün məcburi qaydalarını qəbul etmək səlahiyyətinə və öz daxili prosedurlarına əsasən bu Konvensiyaya qoşulmaq qərarı qəbul etmək səlahiyyətinə malik olan İttifaq deməkdir”. Bu dəyişiklik 2007-ci iyunun 30-da müzakirə edilib. Millət vəkillərindən xahiş edirəm ki, Konvensiyaya müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Rövşən Rzayev.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim edilmiş qanun layihəsində əksini tapan əlavə və dəyişikliklərlə bağlı, icazə versəniz, komitənin fikirlərini bildirərdim. “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu cinayətkarlığın profilaktikasını və itkin düşmüş şəxslərin axtarılmasını sadələşdirmək məqsədi ilə qəbul edilmişdir. Bu qanun müasir texnologiyaların istifadəsinə və spesifik qaydaların vahid şəbəkə sistemində təşkilinə imkan yaratmışdır. Nəticədə daktiloskopik qeydiyyat insan şəxsiyyətinin ümumiləşdirilməsi üçün əhəmiyyətli vasitəyə çevrilmişdir.
Daktiloskopik qeydiyyat prosesi biometrik pasportların faydalı istifadəsinə imkan yaradır.
2010–2011-ci illərdə mütəmadi olaraq xarici ölkələr biometrik pasportsuz getməyə məhdudiyyət qoyacaqlar. Biz xarici ölkələrdə olan vahid qaydalara müvafiq daktiloskopiya və biometriya sahəsində qeydiyyat sistemi yaratmalıyıq. Bununla bağlı “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Qanuna dəyişikliklər təklif olunur. Əksər dəyişikliklər redaktə xarakteri daşıyır. Məsələn, 6-cı maddənin 5-ci bəndində “istintaqı” sözünün “araşdırılması” sözü ilə əvəz edilməsi təklif olunur. Mahiyyət etibarilə əhəmiyyətli dəyişikliklər 8-ci maddəyə təklif olunur. Məcburi dövlət daktiloskopik qeydiyyatından keçirilməli şəxslərin kateqoriyaları dəqiqləşdirilir və artırılır. Qanuna həqiqi hərbi xidmətə çağırılan, sərnişin və yük daşımalarını həyata keçirən, mədən və şaxtalarda işləyən və digər kateqoriyalı şəxslərin əlavə edilməsi təklif olunur. 8-ci maddənin 7-ci bəndi yeni redaksiyada verilir, buraya inzibati qaydada həbs edilmiş şəxslər kateqoriyası da əlavə olunur.
Qanunun 10-cu maddəsinə təklif edilən dəyişikliklər birbaşa qeydiyyatın aparılması ilə bağlıdır. Burada qeydiyyat prosesinin sadələşdirilməsi və bütövlükdə daktiloskopik məlumatların maddi daşıyıcılarının vahid massivdə saxlanılması nəzərdə tutulur.
Qanunun 12-ci maddəsi yeni redaksiyada verilir, burada daktiloskopik məlumatların saxlanma müddətinin yenidən nizamlanması təklif olunur. Məsələn, təklif olunur ki, riskli şəraitdə işləyən şəxslər haqqında məlumatlar onların müvafiq müəssisə və təşkilatlarında işlədikləri müddət ərzində saxlanılsın.
Qanuna təklif olunan dəyişikliklər unifikasiya məqsədi daşıyır. Dəyişikliklər vacib və əhəmiyyətlidir. Ona görə də, hörmətli millət vəkilləri, sizdən xahiş edirik ki, bu dəyişiklikləri dəstəkləyəsiniz. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Bir nəfər çıxış etmək istəyir. Musa Quliyev, buyurun.
M. Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hörmətli Rövşən müəllim çox ətraflı məlumat verdi və onun məlumatı da, edilən dəyişikliklərin mətni də məni tam qane edir. Mən bu dəyişikliklərə səs verəcəyəm. Daktiloskopiyanın kriminalistikada çox böyük və diaqnostik əhəmiyyət daşıyan bir tədqiqat sahəsi olduğu bəllidir. Azərbaycanda belə bir qanunun olması və qanunun müasirləşdirilməsi dövlətimiz tərəfindən bu məsələyə böyük əhəmiyyət verilməsini göstərən faktdır. Ancaq mənim 6-cı maddə ilə bağlı təklifim var.
Hörmətli Rövşən müəllim, naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi məsələsindən bəhs edilir. “Şəxsiyyət” sözü, adətən, canlı insana aiddir, özü də hər insana da aid deyil. Şəxsiyyət deyəndə təkcə insanın fiziki, antropoloji, bioloji xüsusiyyətləri deyil, onun daha çox intellektual, əqli, mədəni və sair xüsusiyyətlərinin cəmi nəzərdə tutulur. Bu mənada təklif edərdim ki, “naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi” sözlərinin əvəzinə “naməlum meyitlərin kimə məxsus olmasını müəyyənləşdirmək” fikri öz əksini tapsın.
Doğru qeyd etdiyiniz kimi, 8 və 10-cu maddələrə mahiyyət etibarilə çox ciddi dəyişikliklər edilibdir və məcburi daktiloskopiyanın aparılması qaydaları, məcburi daktiloskopiya qeydiyyatından keçən şəxslərin kimlikləri barədə burada dəqiq məlumatlar var. Məcburi daktiloskopiya ilə yanaşı, könüllü daktiloskopiyanın da aparılmasının, düşünürəm ki, coğrafiyası, qaydaları müəyyənləşdirilməlidir. Təbii ki, dediyim məsələ bugünkü müzakirənin predmeti deyil, ancaq gələcəkdə bu qanunda könüllü daktiloskopiyanın da imkanları barədə hüquqi baza yaradılması çox vacibdir. Çünki bu saat daktiloskopiyadan təkcə kriminalistikada deyil, artıq ictimai həyatın digər sahələrində də geniş istifadə olunur. Artıq seyflərin və qapıların kompyuter texnologiyası ilə açılması, bağlanması mümkündür. Kompyuterdə yalnız bir şəxsə məxsus olan şifrələnmiş məlumatların verilməsi, həmin məlumatların məxfi saxlanılması tələb edilən sahələr var ki, orada da daktiloskopik məlumatların olması vacibdir.
Daktiloskopiya təkcə dövlət müəssisələrində aparılmalıdır? Bəlkə bu sahədə özəl müəssisələrin və alternativ daktiloskopiya xidməti göstərən müəssisələrin yaradılmasına ehtiyac olub-olmaması müəyyənləşdirilməlidir? Daktiloskopiya ilə yanaşı, son 25 ildə informativ məlumat verəcək “DNK – test” metodunun da Azərbaycanda tətbiq olunması üçün hüquqi baza yaradılmasına ehtiyac var. Mən bu qanun layihəsinə səs verəcəyəm və deyilənlərin gələcəkdə nəzərə alınmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma istəyirəm, hörmətli deputatlarda tam aydınlıq olsun. Hörmətli Musa müəllim, Siz deyən məsələlərin çoxu daktiloskopik qeydiyyata aid məsələlər deyil. Bu, artıq kriminalistikanın başqa sahəsidir – ekspertizalardır. Biz bu dəyişiklikləri nə üçün aparırıq? Gələn ildən biz biometrik pasportlara keçirik və bununla bağlı qanunumuz var. Həmin qanunun tələblərinə uyğun bu dəyişikliklər aparılır.
Daktiloskopik məlumat nədir? Daktiloskopik məlumat insan barmaqlarının populyar naxışları və onun şəxsiyyəti haqqında məlumatlar sistemidir. Burada insanın şəxsiyyəti ilə bağlı məlumatlardan söhbət gedir. Qapıdır, açardır, – buraya aid məsələlər deyil. İstəyirdim, bu sahədə sizdə aydınlıq olsun. Elmira xanım, sualınız var?
E.Axundova. Faktik olaraq, Prezident tərəfindən göndərilən dəyişikliklər redaktə və uslubi xarakter daşıyır. Qanunun dili həm hüquqi tərəfdən, həm də uslubi cəhətdən təkmilləşdirilir. Mənim qanun layihəsini təqdim edən hörmətli həmkarıma sualım var. Sizə elə gəlmirmi ki, belə ciddi qanunlar... Təzə qanundur, biz bunu bu il və ya keçən il qəbul etmişik...
Sədrlik edən. Təzə qanun deyil, Elmira xanım, 2000-ci il fevralın 20-də qəbul olunub.
E. Axundova. Belə ciddi qanunlar əvvəl müstəqil hüquqi ekspertizadan keçməməlidirmi? Biz dəfələrlə şahid olmuşuq ki, təzə qanunlarımız Prezident tərəfindən haqlı olaraq təzə qeydlərlə, stilistik, redaktə qeydləri ilə bizə qaytarılır və digər qanunlara olan inamı da azaldır. Mənə elə gəlir ki, belə qanunların üzərində daha ciddi işləməliyik. Köhnə variantda oxuyuram: “tanınmayan biliklərə görə insan şəxsiyyətini...” Bu, axı, Azərbaycan dilidir. Bilmirəm, bu hansı dildə yazılıb? Ona görə də haqlı olaraq belə düzəlişlər edilir. Axı, bunları özümüz edə bilərdik.
Sədrlik edən. Elmira xanım, bu elə Azərbaycan dilidir, sadəcə, hüquq dilidir. Ona görə biz bunu başqa cür yaza bilmərik. Qanunun öz dili var. Bu qanunun şərhi hazırlanır, orada bu çox sadə şəkildə veriləcək. Amma biz sadə terminlərlə hüquq terminlərini qarışdıra bilmərik. Gülər xanım Əhmədova.
G. Əhmədova. Çox sağ olun, Ziyafət müəllim. Açığı, bir məsələ ilə bağlı fikir deyəcəkdim, Siz onun bir hissəsinə artıq cavab verdiniz. 8-ci maddədə məcburi dövlət daktiloskopik qeydiyyatı ilə bağlı 9 bənddə kimlərin məcburi dövlət daktiloskopik qeydiyyatından keçiriləcəyi göstərilib. Amma siz cavab verdiniz ki, əslində, bizdə biometrik qeydiyyat məsələsi ilə bağlı hər bir vətəndaş qeydiyyata götürüləcək. Avropada biometrik məsələlərdən bəhs edəndə bunu yalnız gözlə bağlayırıq. Bir də, diaqnostika ilə bağlı məlumat verilirdi. Amma bizdə həm də daktiloskopik qeydiyyat olacaqsa, burada 9 bəndi göstərməyə ehtiyac varmı? Sonra yeni qanunda bir də bütün vətəndaşlar barədə məsələ qeyd ediləcək?
Bir məqam da, məncə, məntiqə uyğun gəlməyən bir məsələdir. 14-cü maddədə göstərilir: “Cinayət törətməkdə şübhəli olan, cinayət törətməkdə müqəssir sayılan şəxslər haqqında daktiloskopik məlumatlar cinayət işinə xitam verildikdən və ya məhkəmənin bəraət hökmü çıxarılandan 30 gündən gec olmayaraq məhv edilir”. Kiminsə haqqında cinayət işinə xitam verilibsə və ya məhkəmə hökmü çıxarılıbsa, o demək deyil ki, bu adam heç bir halda bir də cinayət törətməyəcək. Bu, kiminsə cinayət törətməməsi üçün zəruri şərt deyil. Əgər artıq daktiloskopik məlumat varsa, bunu nəyə görə məhv edək? Bu ola bilər ki, müəyyən müddətdən sonra yenə də lazım olsun. Həmin daktiloskopik məlumat bankda saxlanılsın və məlumat bankı yaradılsın. Bəraət hökmü çıxarılır, çox gözəl. Amma daktiloskopik məlumat nəyə görə məhv edilir? Bu nə vaxtsa bizə lazım ola bilər, üzr istəyirəm, daha doğrusu, hüquq mühafizə orqanlarına lazım olar.
Sədrlik edən. Üzr istəyirəm, Gülər xanım, əgər vətəndaş bəraət alıbsa, bu o deməkdir ki, məhkəmə tərəfindən bu adamın cinayətkar olmadığı təsdiq edilir. Əgər cinayətkar deyilsə, biz onun daktiloskopik məlumatlarını nə üçün saxlamalıyıq? Söhbət burada, ümumiyyətlə, cinayətkarlardan getmir. Bizim “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Qanunumuz var. Qanunun 1-ci maddəsini olduğu kimi oxuyuram: “Dövlət daktiloskopik qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən daktiloskopik məlumatların alınması, uçotu, saxlanması, təsnifatı, verilməsi, insan şəxsiyyətinin müəyyənləşdirilməsi və ya təsdiqi üzrə bu Qanunda nəzərdə tutulan fəaliyyətdir”. Burada hər şey açıq-aşkar yazılıb. Gərək biz bunu qəbul eləyək. Başqa sual yoxdursa, buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi haqqında komitə sədri Əli Hüseynov məlumat verir.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. 9 qanuna dəyişikliklər və əlavələr edilməsinə baxmayaraq, əslində, bu əlavə və dəyişikliklər oxşardır və təkrarlanır. Qısaca mahiyyətini demək istəyirəm. Bütün bu sadalanan qanunlarda məhkəmə orqanlarında, ədliyyə orqanlarında müvafiq vəzifələrdə işləyənlərin, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin, o cümlədən bələdiyyə üzvlərinin fəaliyyətləri dövründə icbari təlimə cəlb olunmalarının həllindən söhbət gedir. Məsələni nəzəri olaraq iki hissəyə bölmək olar. Birincisi prokurorluq orqanlarına və yaxud məhkəmə orqanlarının aparatlarına ilk dəfə işə qəbul olunanların müvafiq icra hakimiyyəti orqanı yanındakı tədris-elm müəssisələrində icbari təlimə cəlb olunmasıdır. İkincisi isə bu orqanlarda işləyənlərin müvafiq icra hakimiyyəti orqanı yanındakı tədris-elm müəssisəsində mütəmadi olaraq peşə hazırlığının və ixtisasının artırılmasıdır.
Qeyd edim ki, bizim məhkəmə-hüquq islahatlarının indiki mərhələsində bu çox vacibdir. Baxmayaraq ki, bu orqanlarda işləyənlər yazılı və şifahi test üsulu ilə işə qəbul olunurlar. Amma dünyanın mütərəqqi təcrübəsi onu göstərir ki, müxtəlif dövlət orqanlarında, hüquq mühafizə orqanlarında insanların taleyi ilə məşğul olan hüquqşünasların mütəmadi olaraq peşə hazırlığının artırılması zərurətdən irəli gəlir.
Məlumat üçün onu deyə bilərəm ki, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında cənab Prezidentin fərmanında müvafiq icra hakimiyyəti orqanı yanında Ədliyyə Akademiyasının yaradılması məsələsi öz əksini tapıb. Yəni əslində, gələcəkdə bu orqanlarda çalışan şəxslərin məhz Ədliyyə Akademiyasında icbari təlim keçməsindən söhbət gedir. Beləliklə, bu şəxslər artıq fəaliyyətə başlayarkən kifayət qədər bilik və təcrübəyə malik olacaqlar. Hesab edirəm ki, bu çox əhəmiyyətlidir. Mən həmkarlarımdan bu layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Nə təklif olacaq? Buyurun, münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi  0  
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verir.
Z. Səmədzadə. Sağ olun. Hörmətli millət vəkilləri, “Rəsmi statistika haqqında” Qanunun preambulasına, 1-ci maddəyə, 7-ci maddəyə, 11-ci maddəyə “hüquqi şəxslərə” sözlərindən sonra “onların nümayəndəlik və filiallarına” sözləri əlavə edilir. 11-ci maddəyə aşağıdakı redaksiyada yeddinci hissə əlavə olunur: “Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir”. Yəni müvafiq icra strukturlarına elektron poçtundan və elektron ticarət formasından istifadə etmək səlahiyyəti verilir. Hesab edirəm ki, bu dəyişikliklər cəmiyyətdə həm sadələşdirməyə kömək edəcək, həm də informasiya texnologiyalarının tətbiqi üçün yeni imkanlar açacaqdır. Millət vəkillərindən bu qanun layihəsinə səs verməyi xahiş edərdim.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat təmsilçiləri! Bilirsiniz ki, rəsmi statistika məlumatlarından iqtisadiyyatın idarə olunmasında istifadə edilir. Mən təqdim olunan dəyişiklikləri idarəetmənin təkmilləşdirilməsi üçün vacib hesab edirəm.
Bu qanun layihəsində xüsusən regional nöqteyi-nəzərdən çox mühüm dəyişikliklər təklif olunur. Məsələn, ölkədə yalnız bir neçə fitosanitar xidməti şirkəti mövcuddur ki, bunlar da Bakı şəhərində yerləşir. Amma regionlarda bunların filialları, nümayəndəlikləri fəaliyyət göstərir. Çox təəssüf ki, yerlərdə bunların nümayəndəlikləri nəinki heç bir statistik məlumat vermir, hətta qeydiyyata düşmür. O nöqteyi-nəzərdən hesab edirəm ki, bu qanun həm statistik məlumatların daha dolğun verilməsinə, həm o şirkətlərin nümayəndəliklərinin regionlarda qeydiyyata alınmasına, həm də nəzarət altında fəaliyyət göstərməsinə imkan yaradacaq.
4.2-ci maddəyə edilən əlavə də regionlarda fəaliyyət göstərən fiziki şəxslər və şirkətlərin nümayəndəlikləri üçün çox əhəmiyyətlidir. Belə ki, onlar əlavə bir gün vaxt sərf eləmədən statistik məlumatları poçtlarda elektron variantda verə biləcəklər.
Yeri gəlmişkən, müzakirə olunacaq növbəti məsələyə də münasibət bildirmək istəyirəm. Mən həmin qanun layihəsini regionlarda fəaliyyət göstərən kredit ittifaqlarının mənfəətlə işləməsi nöqteyi-nəzərindən vacib hesab edirəm. Çünki regionlarda fermerlərin yaratdıqları kredit ittifaqlarının göstərilən vergidən azad olunması onların mənfəətli fəaliyyəti üçün şərait yaradır.
Mən imkandan istifadə edərək daha bir vacib məsələni qeyd etmək istəyirəm. Bu, kənd təsərrüfatı ilə, aqrar sahə ilə bağlı bir məsələdir. Bizim aqrar sahədə əgər 5–6 il öncə yalnız kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqdan söhbət gedirdisə, bu gün bu məhsulların satışından söhbət gedir. Yəni ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Bunun da əsas səbəbi dövlətin apardığı subsidiya siyasətidir. Bilirsiniz ki, becərilən hər torpaq sahəsi üçün dövlət subsidiya ayırır. Xüsusən də yanacağın və sürtkü yağlarının alınması üçün əlavə vəsait ayrılır. Amma böyük bir regionda – Şəkidə bu gün səpin üçün nəzərdə tutulan həmin subsidiyaları almaq müşkül məsələyə çevrilib. Mənə fermerlər müraciət ediblər. Mən çox arzulayardım ki, Milli Məclisin rəhbərliyi də buna öz münasibətini bildirsin və payızlıq buğdanın təməli qoyulan bu günlərdə onlara yardımın verilməsinə köməklik göstərsin.
Sədrlik edən. Sağ olun. Nə təklif var? Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ – Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanun layihəsi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verir.
Z. Səmədzadə. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, cənab Prezident banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin 2010-cu il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən azad edilməsi barədə çox gözəl bir təşəbbüslə çıxış etmişdir. Hesab edirəm ki, bu, Azərbaycan əmanətçiləri üçün vacib olan qanun layihəsidir.
Dünyada maliyyə böhranı davam etsə də, Azərbaycanda banklara inam artır. Təkcə onu göstərmək kifayətdir ki, 2009-cu ilin 9 ayı ərzində banklarda əmanətlərin həcmi 1,7 milyard olmuşdur. Bu isə 2008-ci illə müqayisədə 270 milyon manatdan çoxdur. Təklif edilən qanun layihəsi qəbul edilərsə, Azərbaycan əmanətçilərindən tutulacaq verginin həcmi təxminən 20 milyon manat azalacaq, 3 il ərzində isə bu, təxminən 60 milyon manat təşkil edəcəkdir. Millət vəkillərindən bu qanun layihəsinin qəbul olunmasına səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Eldar Quliyev.
E. Quliyev. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, müzakirəmizə verilən qanun layihəsi həcmcə balaca da olsa, mənaca çox böyükdür. O, insanlarda olan əmanətlərin banklara daha artıq dərəcədə cəlb edilməsinə və əmanətçilərin gəlirlərinin artırılmasına xidmət edir. Mən bu layihə ilə bağlı redaktə xarakterli bir dəyişiklik təklif edərdim. Layihədə təklif olunur ki, faizlərdən gəlir vergisi tutulmasın. Halbuki faizdən gəlir vergisi tutulmur, faizdən gələn gəlirdən vergi tutulur. Mən xahiş edirəm, burada dəyişiklik edilsin. Ümumilikdə, mən bu qanun layihəsinin tərəfdarıyam və millət vəkillərini ona səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Çingiz Əsədullayev.
Ç. Əsədullayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, çıxışımın əvvəlində qeyd etmək istərdim ki, 2009-cu il 1 avqust tarixinə Azərbaycan Respublikasında fiziki şəxslərdən cəlb olunmuş əmanətlərin məbləği 2 milyard manat civarındadır. Təbii ki, bu, ilk öncə dövlətin bank sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Məlum olduğu kimi, 1995-ci ildən başlayaraq, mütəmadi olaraq fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanunlar qəbul edilmişdir. Bu gün belə bir qanunun olması dünyada baş verən maliyyə böhranı şəraitində daha da aktuallaşmışdır.
Bir məsələyə də diqqətinizi cəlb etmək istərdim. Qeyd etdiyim kimi, 1995-ci ildən belə qanunlar qəbul olunur və eyni zamanda, qiymətli kağızlar üzrə də dividendlər gəlir vergisindən azad edilirdi. Bu gün isə biz yalnız fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanun qəbul edirik. Mən hesab edirəm ki, qiymətli kağızlardan gələn dividendlərin də gəlir vergisindən azad edilməsi vacib məsələdir. Mən xahiş edərdim ki, Ziyafət müəllim, yaxın gələcəkdə büdcəyə baxılarkən biz bu məsələnin müzakirəsinə yenidən qayıdaq. Böhran vaxtı bu çox vacibdir. Qiymətli kağızlar bazarı inkişafdadır və hesab edirəm, belə bir qanunun mövcud olması bu inkişafa daha bir təkan verərdi. Hesab edirəm, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi əmanətlərin artım tempinə müsbət təsir göstərəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Sağ olun, hörmətli Ziyafət müəllim. Mən təqdim edilmiş qanun layihəsini dəstəkləyirəm. Düşünürəm ki, bu, Azərbaycan xalqının ümumi mənafeyinə və maraqlarına xidmət eləyən bir dəyişiklikdir. Ümidvaram ki, millət vəkilləri təqdim edilmiş qanun layihəsinə öz müsbət münasibətlərini ifadə edəcəklər.
Son illər Azərbaycanda bank sistemi kifayət qədər təkmilləşib və öz işini beynəlxalq standartlara uyğun olaraq qura bilir. İnsanların bank və bank sisteminə etimadı getdikcə artır. Əlbəttə, bu çox yaxşı tendensiyadır. Ümidvaram ki, bundan sonra da belə davam edəcək.
Lakin Azərbaycanda elə banklar da var ki, insanların onlara etimadını alt-üst edərək əmanətçilərin banka qoyduqları əmanətləri öz malları kimi mənimsəyirlər. Bu, əlbəttə, çox böyük təəssüf doğurur. Kütləvi informasiya vasitələrindən hörmətli millət vəkillərinə belə bir fakt bəllidir ki, Texnika Bank 80 nəfərdən yuxarı əmanətçisinin pulunu müxtəlif maxinasiyalarla mənimsəyərək əmanətə xəyanət etmişdir. Zərərçəkənlər müxtəlif instansiyalara müraciət etsələr də, Texnika Bankın idarə heyətinin sədri Etibar Əliyev 80 nəfərin əmanətlərinin qaytarılmasına müxtəlif vasitələrlə maneçilik törətməkdədir.
Təəssüf ki, bizim bank sistemində bu cür hallar da var. Mən bu faktları hörmətli millət vəkillərinin, Milli Məclis rəhbərliyinin, eyni zamanda, komitə sədrinin diqqətinə çatdırmaqla bərabər, çox ehtimal ki, bu günlərdə büdcə məsələsi müzakirə olunan zaman hökumətin ən yüksək səviyyəli məmurlarının da diqqətinə çatdıracağam. Düşünürəm ki, bu cür hallara son qoymaq zamanı yetişibdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli Ziyafət müəllim, iclasımızın gündəliyində iki qanun layihəsi qalıb. Təklif edirəm, fasiləsiz işləyək, hər ikisini müzakirə edək və səs verək. Birinci layihəni Sosial siyasət komitəsi təqdim etsin, ondan sonra digər məsələni biz təqdim edərik.
Sədrlik edən. Siyavuş müəllim həmişə səmərələşdirici təklif verir. Güman edirəm ki, bunu bəyənmək olar. Xahiş edirəm, Bank və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında qanun layihəsinə münasibət bildirək və növbəti qanun layihəsinə keçək. Etiraz yoxdur? Buyurun, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0  
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə layihədir. Layihə haqqında komitə sədri Hadi Rəcəbli məlumat verəcəkdir. Hadi müəllim, buyurun.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Ölkədə gedən genişmiqyaslı yeniləşmələr, sosial islahatlar sığorta və pensiya sistemindən də yan keçməmişdir. Son illər bu sahədə atılan inamlı, ardıcıl addımlar və müasir strukturlaşma, populizmdən uzaq liberal iqtisadiyyat və bazar qanunlarına uyğun ünvanlılıq özünün müsbət nəticələrini verir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən ilin sonunda imzaladığı 2009–2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı bu baxımdan çox böyük əhəmiyyət kəsb edir. Sığorta sisteminin həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçidi, sığorta-pensiya sisteminin müavinət sistemindən ayrılması və digər proqressiv texnologiyaların tətbiqi nə qədər çətin və ağrılı olsa da, bu sahə təkmilləşir və informasiya-kommunikasiya texnologiyaları zənginləşərək sosial müdafiənin daha da möhkəmlənməsinə və sosial ədalətin bərpasına xidmət edir.
Müzakirəmizə təqdim olunan qanun layihəsi də bu məqsədlərə xidmət edən mütərəqqi sənədlərdən biridir. Layihə hazırlanarkən pensiya-sığorta qurumlarının işinin təkmilləşdirilməsinin baş prinsipləri, dünya ölkələrinin təcrübəsi, keçid dövrünü yaşayan dövlətlərin mütərəqqi metodologiyaları, makroiqtisadi-demoqrafik dəyişikliklər, sığorta maliyyələşməsinin əsas mənbələrinin təsnifatı əldə rəhbər tutulmuşdur.
Layihədəki dəyişiklik və əlavələri, əsasən, 4 qrupda paket şəklində ümumiləşdirmək olar. Birinci paket düzəlişlər pensiya yaşının artırılmasını özündə ehtiva edir. Düşünürəm ki, həm dünya ölkələri, həm də MDB məkanında olan dövlətlər üzrə qadın və kişilərin pensiya yaşının müqayisəli təhlili deputat həmkarlarım üçün maraqlı olardı. Məlumat üçün bildirmək istəyirəm ki, Gürcüstanda hazırda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 60-dır. Mənfur qonşumuz Ermənistanda isə bu hədlər müvafiq olaraq kişilər üçün 65, qadınlar üçün 62-dir. Başqa dövlətlərin göstəricilərinə nəzər salaq. Tacikistanda bu rəqəmlər kişilər üçün 63 və qadınlar üçün bir az aşağıdır. Latviyada kişi və qadınlar üçün pensiya yaşı 62-dir. Avropa ölkələrinin, demək olar ki, hamısında qadınlar və kişilər üçün pensiya yaşı 65-dir. Şərqi Avropa ölkələrindən Macarıstanda bu yaş qadınlar və kişilər üçün 62-dir. Qərbi Avropa ölkələrindən Norveçdə bu göstərici həm qadınlar, həm də kişilər üçün 67-dir. Yaponiyada bu rəqəmlər 70-dir.
Opponentlərimiz bəzən bizə Rusiya və Belarusda olan rəqəmləri nümunə göstərir, o rəqəmlər vasitəsilə bir statistik oyun oynamaq istəyirlər. Mən istəyirəm deyəm ki, həm Belarusda, həm də Rusiyada kişilərin və qadınların yaşı müvafiq olaraq 60 və 55-dir. Siz bilirsiniz ki, pensiyanın ödəmə müddəti müəyyən düsturla hesablanır. Bizdə o bölünmə 144 aydır, amma Rusiya və Belarusda 234 aydır. Ayların sayı çox olduqca bu rəqəmlər bütövlükdə həm pensiyanın məbləğinə, həm də digər göstəricilərə birbaşa və dolayısı yolla mənfi təsir göstərir. Yəni Rusiyada və Belarusda olan ilkin görüntülər, əslində, heç bizim düşündüyümüz qədər də müsbət görüntülər və göstəricilər deyil.
Digər arqument. “Təhsil haqqında” Qanun qəbul edildikdən sonra bütün komitələrə çoxsaylı müraciətlər olur. Bizim komitəyə onlarla məktub daxil olub. Bu məktublarda təkcə təhsil sistemində yox, digər sahələrdə də sağlam adamların məcburi pensiyaya göndərilməsi tendensiyasının mövcudluğu vurğulanır. Mənə elə gəlir ki, deputatlarımızın çoxuna bu barədə müraciətlər olubdur. Məsələn, Dəvəçi rayonunun Ağalıq kənd sakini Surəddin İbadullayev və onun həyat yoldaşı kənd məktəblərində işlədiklərini və tamamilə sağlam olduqlarını iddia edərək pensiya yaşının aşağı olmasından şikayət edirlər. Belə məktubları mən onlarla sizə göstərə bilərəm. Bu məktubların əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda orta ömür hiss olunan dərəcədə artmış və yaşlı insanların sağlamlıq durumu xeyli yaxşılaşmışdır. Onu da vurğulamağı lazım bilirəm ki, bu sahədə dəyişiklik tədricən, zaman-zaman, çox aramla həyata keçiriləcəkdir. Pensiya yaşı hər il 6 ay müddətinə artırılacaqdır. Son nəticədə 6 ildən sonra qadınlar 60 yaşından, 2 ildən sonra kişilər 63 yaşından pensiyaya çıxacaqlar.
Dəyişikliklərdən biri də sığorta stajı ilə bağlıdır. Çıxışımın əvvəlində adını çəkdiyim sığorta islahatları ilə bağlı dövlət proqramında bu sistemin daha da təkmilləşdirilərək büdcədən asılılığının azaldılmasına xüsusi önəm verilmişdir. Xatırlatmaq istəyirəm ki, təsdiq etdiyimiz 1 milyard 700 milyon manatdan çox olan Sosial Müdafiə Fondunun büdcəsinin təxminən 500 milyon manatını dövlət büdcəsi verir. Möhtərəm Prezidentimizin imzaladığı həmin proqramda bu məsələlərin tənzimlənməsi ön plana çıxarılmışdır.
Sizə təqdim olunan layihədə dəyişikliklərdən biri də əmək pensiyasını sənədləşdirmək üçün minimum sığorta stajının 5 ildən 12 ilə və imtiyazlı şəxslər üçün 10 ilə çatdırılmasıdır. Belə ki, hazırda Azərbaycanda pensiya sistemindən çıxan, yəni dünyasını dəyişən kişilərin orta yaşı 74,7, qadınların orta yaşı isə 75,8-dir. Beləliklə, indiki yaş həddində kişilər 12,7 il, qadınlar isə 18,8 il pensiya alırlar. Yəni müasir sığorta sisteminin tələblərinə zidd olaraq bəzən 5 il sığorta haqqı ödəmiş insan uzun illər pensiya alır, sığorta büdcəsində artıq yük olaraq qalır. Bu da, əlbəttə, bazar qanunlarına, müasir sığorta sisteminin fərdi uçot prinsiplərinə daban-dabana ziddir.
Digər paket məsələlər imtiyazlı pensiya təyinatı ilə bağlı sənədləşmə məsələləridir. Burada əsas müzakirə mövzusu çoxuşaqlı sayılan anaların uşaqlarının sayının 3-dən 5-ə qaldırılmasıdır. Gəlin, geniş müzakirələrə səbəb olan problemə dünya ölkələrinin mövcud təcrübəsi prizmasından baxaq. MDB məkanında olan ölkələrin, demək olar ki, hamısında, hətta demoqrafik krisiz yaşayan Rusiyada, Ukraynada, Belarusda, Estoniyada ancaq 5 uşağı olan qadınlar çoxuşaqlı ana sayılırlar. Ötən il Azərbaycanda təbii artımın 1,11 faiz təşkil etdiyini və pensiyada olan 550 minə yaxın qadının çoxuşaqlılığa görə imtiyazlı olanlarının sayının cəmi 12 min nəfər təşkil etdiyini nəzərə alsaq, aydın olar ki, məsələnin sizə təqdim olunan layihədəki kimi qəbul olunması dünya təcrübəsinə və obyektiv reallıqlara tam cavab verir.
Digər bir müqayisə. Dünyanın 100-dən çox ölkəsində 5 və daha çox uşağı olan qadınlara yaşa görə əmək pensiyası müəyyənləşdirilərkən ancaq 5 il güzəşt verilir, müzakirə etdiyimiz layihədə isə 5 uşağa görə 5 il güzəşt verilməklə yanaşı, həm də hər bir əlavə uşaq üçün yaş azaldılmaqla bir il də əlavə güzəşt nəzərdə tutulur. Beləliklə, əgər pensiyaya çıxan qadının 7 uşağı olarsa, onun pensiya yaşı 7 il aşağı düşür.
İmtiyazlarla bağlı onu da vurğulamağı məqsədəmüvafiq bilirəm ki, bu gün Böyük Vətən müharibəsi əlili, veteranı və iştirakçılarının sayı təxminən 5372 nəfərdir. Bunların pensiyasının baza hissəsi bu layihədəki dəyişikliklərdən sonra hər biri üçün əlavə olaraq 30 manat artırılacaqdır.
Təqdim olunan başqa paket əlavə və dəyişikliklər sığorta sisteminin islahatları ilə bağlı olan sosial müdafiəni xeyli artıran addımlardır. Siz bilirsiniz ki, 2006-cı il yanvarın 1-dən bizdə fərdi uçot sisteminə keçilib və bu müddət ərzində pensiya hesablanarkən əvvəlki illərin fərdi uçot bazasına vəsait hesablanmırdı. Bu ildən isə 2004–2006-cı illərdəki ən yüksək orta əmək haqqı, yəni 170 manat götürülərək buna uyğun olaraq fərdi uçot sisteminə vəsait köçürüləcək və pensiya bu qaydalara uyğun olaraq hesablanacaq. Belə olanda 25 ildən çox əmək stajı olan müəllimlərə pensiya hesablanarkən indiki vəziyyətdən fərqli olaraq 50 manat, həkimlərə 30 manat və digər sahələrin işçilərinə müvafiq olaraq hətta 100 manata qədər əlavə pensiya hesablanacaq. Yəni bu addımın özü də bizim pensiya təminatını ciddi surətdə yaxşılaşdıran bir addımdır.
“Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi” adlı 29-cu maddəyə edilən dəyişiklik, demək olar ki, redaktə xarakteri daşıyır. Bu, Azərbaycanın istehlak qiymətləri indeksinin illik səviyyəsinin artması və manatın məzənnəsinin gündən-günə möhkəmlənməsi ideyasına söykənən bir dəyişiklikdir. Xüsusən vurğulamaq istəyirəm ki, maddənin başlığı redaktənin ancaq artım ideyasını özündə ehtiva edir. Yəni maddənin başlığından da görmək olar ki, burada əmək pensiyalarının yalnız artırılması və indeksləşdirilməsi nəzərdə tutulur.
Bütövlükdə müzakirənizə təqdim olunan layihə ölkədə sığorta-pensiya sisteminin daha da təkmilləşdirilməsinə xidmət edərək sosial ədalət prinsiplərinə, dünyadakı mövcud reallıqların tələblərinə əsasən cavab verir. Mən çalışdım ki, layihəni təqdim edərkən ortaya çıxa biləcək sualların bir qisminə aydınlıq gətirim və dəyişiklikləri bacardığım qədər əsaslandırım. Xahiş edirəm, məsələyə bugünkü reallıqlar və səsləndirdiyim arqumentlər baxımından yanaşasınız və layihəyə səs verəsiniz. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O. Əsədov sədrlik edir.

Sədrlik edən. Çox sağ olun. Bugünkü müzakirələrdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov da iştirak edir. Suallar olarsa, Səlim müəllim sonra onları cavablandırar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Düzgün fikirdir. Kim istəyir 5 dəqiqə danışsın. Müzakirə edirik. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat! Son illər, xüsusilə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra Azərbaycanda həm iqtisadi, həm də siyasi sahədə çox ciddi islahatlar aparılmışdır. Bu islahatların aparılmasında əsas məqsəd Azərbaycanda demokratik dövlətin qurulması, onun müstəqilliyinin qorunub saxlanılması, o cümlədən insanların sosial müdafiəsinin gücləndirilməsi olub. Biz Milli Məclis olaraq Azərbaycan Prezidentinin verdiyi bütün təkliflərə faktiki olaraq müsbət yanaşmış və onun təqdim etdiyi bır sıra qanun layihələrini qəbul etmişik. O cümlədən 4 il ərzində əmək pensiyalarının həm baza, həm də sığorta hissəsinin hesablanması ilə əlaqədar təkliflər Milli Məclisdə qəbul edilmişdir.
Bu gün bizə təqdim olunan qanun layihəsini Hadi müəllim çox gözəl şərh etdi. Onun dediklərindən elə başa düşmək olar ki, doğrudan da, bu qanunu qəbul etməklə biz 1 milyondan çox pensiyaçının həyat şəraitini daha da yaxşılaşdırırıq. Amma gəlin, qanun layihəsinə bir az diqqətlə nəzər yetirək. Qanun layihəsinin 7-ci maddəsində kişilər üçün yaş həddi 62-dən 63-ə, qadınlar üçün isə 57-dən 60-a çatdırılır. Rəsmi kütləvi informasiya vasitələrində göstərilir ki, Azərbaycanda insanların, ümumiyyətlə, orta yaşı həddindən artıq çoxdur. Halbuki əgər 1990-cı ildə orta yaş həddi 71 olubsa, 2009-cu ildə də orta yaş həddi təxminən elə 72-dir, 1 yaş artıb. Qadınlar üçün bu, təxminən 75, kişilər üçün 69,9 yaşdır. Yəni elə bir ciddi dəyişiklik yoxdur. Elə ciddi bir dəyişiklik olmadığı halda biz niyə bu pensiya ilə əlaqədar yaş həddini belə artırmağa məcbur olmuşuq?
Mən başa düşürəm, dünyada qlobal maliyyə böhranı gedir. Azərbaycanın dövlət büdcəsini formalaşdırmaq lazımdır. Ola bilər, Dövlət Sosial Müdafiə Fondunun yığımları tərəfindən müəyyən çatışmazlıqlar, problemlər var, yığımlar yüksək səviyyədə deyil. İlbəil biz bu müdafiə fonduna dövlət büdcəsindən transferti artırırıq, amma buna baxmayaraq, bu gün belə bir qanun layihəsi ortaya çıxıb. Deyirlər ki, Azərbaycanda insan pensiyaya çıxandan sonra orta hesabla 16 il pensiya alır. Amma əslində, bu, 16 il deyil, 11–12 ildir. Ona görə də belə bir çətin dövrdə bu yaş həddinin dəyişdirilməsi pensiya alan insanların həyat şəraitinə, mən deyərdim, ki, çox ciddi təsir göstərəcəkdir.
8-ci maddədə çoxuşaqlı analarla əlaqədar dəyişiklik edilir. Azərbaycanda demoqrafik vəziyyət hamıya məlumdur. Əhalinin sağlamlığı ilə əlaqədar problemlər var, doğum səviyyəsi həddən artıq aşağıdır, əmək qabiliyyəti olan yaşlı insanlar olduqca azdır. Belə vəziyyətdə biz bu qanunda dəyişiklik edir, 3 və daha çox uşaq doğan anaları çıxarıb, yalnız 5 və ondan çox uşaq doğan analar üçün pensiya ilə bağlı güzəştləri saxlayır və iş stajını da birdən-birə 5 ildən 10 ilə qaldırırıq. Əvvəla, çoxuşaqlı analar üçün bu olduqca ciddi dəyişiklikdir. Bir tərəfdən biz üç, dörd uşağı olan anaların 51, 50 yaşında pensiya almaq hüququnu əllərindən alırıq, digər tərəfdən də sığorta stajını 5 ildən 10 ilə qaldırırıq. Rayon yerlərində yaşayan insanlarla bağlı bu hələ müəyyən qədər başa düşüləndir, amma şəhərdə, bilirik ki, əksər anaların ikidən artıq uşağı olmur. 2 və ya ən çoxu 3. Deməli, bunların pensiyaya yalnız 60 yaşında çıxması mümkündür. Ona görə bu maddə də bir sıra insanların həyat şəraitinə çox ciddi təsir göstərəcəkdir.
Bir dəyişiklik də yaşa görə əmək pensiyasının məbləğinin hesablanması ilə bağlıdır. Yadınıza gəlirsə, “Əmək pensiyaları haqqında” Qanuna görə pensiyanın baza hissəsi müəyyən düstura əsasən hesablanır. İndi layihədəki 27-ci maddəyə uyğun olaraq, həmin düsturdan sığorta hissəsinin çıxarılması faktiki olaraq azalmaya gətirib çıxaracaq. Bunu gizlətmək lazım deyil. Ona görə bu dəyişiklikdən də insanlar müəyyən qədər əziyyət çəkəcəklər.
Qanun layihəsində təklif olunan bir dəyişiklik də əlillərlə əlaqədar ciddi problemlər yaradır. Yəni biz bu qanunda 19 yaşınadək əlillərə əgər bir il sığorta stajı müəyyən edirdiksə, indi yaş həddini götürürük, yalnız 5 ildən az olmamaq şərti ilə sığorta stajı müəyyən edirik.
Mən yenə də deyirəm, bu qanunun qəbul edilməsi Azərbaycanda pensiya ilə dolanan insanların həyat şəraitinə müəyyən qədər təsir göstərəcək. Səlim müəllimə sual vermək istəyərdim. Bu qanunun qəbulu Azərbaycanın dövlət büdcəsinə əlavə nə qədər vəsait gətirəcək? Yəqin hesablayıblar, bilirlər, bu vəsaitin məbləği məlumdur. Bu vəsait əgər böyük məbləğdirsə, onu başqa kanallar vasitəsilə də Azərbaycanın dövlət büdcəsinə gətirmək olar. Biz burada hökumətin hesabatını, o cümlədən dövlət büdcəsini müzakirə edəndə qeyd etmişdik ki, Azərbaycanda çox güclü gizli iqtisadiyyat var. Həmin iqtisadiyyatın müəyyən faizini aşkar iqtisadiyyata çevirməklə Azərbaycanda dövlət büdcəsini xeyli zənginləşdirmək mümkündür.
Yenə qeyd edirəm, bu qanun layihəsinin qəbul olunması Azərbaycanda aztəminatlı ailələr, pensiya ilə dolanan ailələr üçün çox ciddi problemlər yaradacaqdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, mən də hesab edirəm ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi bəlkə iki-üç il bundan əvvəl iqtisadi vəziyyətin yüksəlişi dövründə, Azərbaycanın əsas ixrac məhsulunun dünya bazarında kifayət qədər ciddi qiymətə sahib olduğu bir vaxtda məqsədəmüvafiq hesab oluna bilərdi. Tikinti sektorunun və digər sektorların güclü işlədiyi vaxtda bəlkə insanlar bunun o qədər də fərqində olmur, müxtəlif yaş dönəmində olsa da işləyib, müəyyən dərəcədə vəsait alırdılar. Amma dünyada iqtisadi böhranın baş verdiyi bir vaxtda Azərbaycanda bu gün pensiya ilə dolanan insanların sayının kifayət qədər çox, 1 milyon 300 minə yaxın olduğunu nəzərə alsaq, deməliyik ki, bunlar real həyatla uyğunlaşmayan dəyişikliklərdir. İlk növbədə sığortanın 5 ildən 12 ilə qaldırılması məsələsinə münasibətimi bildirmək istərdim. Gəlin bir diqqət edək görək, Azərbaycanda sığorta sistemi bir sistem kimi nə vaxtdan fəaliyyətə başlayıbdır. 1997-ci ildə Azərbaycanda sığorta sistemi bir sistem kimi inkişaf edirdimi? İşləyən insanların böyük əksəriyyətinin sığorta müqavilələri, sığortalanmış iş stajı varmı? Azərbaycanda sığorta bir sistem kimi 2004-cü ildən başlayaraq formalaşmağa başlayıb. Bu gün həmin insanlardan 12 il sığorta stajı tələb olunur. Bu, doğru deyil. Çünki 1997-ci ildə hətta dövlət müəssisələrində işləyənlərin özünün belə sığortası yox idi. Buna çox ciddi şəkildə diqqət ayırmaq lazımdır. Sığorta yaşının süni surətdə qaldırılması mahiyyət etibarilə yaxın illər üçün çox böyük sayda əmək pensiyaçılarını təqaüddən məhrum edəcək. Onların sənədləri doğru-dürüst olmayacaq, bu da onları saxta sənədlər düzəltməyə təhrik edəcək.
Hesab edirəm ki, Azərbaycanda çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqları təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası indiyə qədər mövcud olan variantda daha məqbul idi. İndi təklif olunan variantda onların da sığorta stajının iki dəfə qaldırılması nəzərdə tutulur. Mən bunu, əslində, Azərbaycanın demoqrafik inkişafına əngəllər törədən addımların atılması kimi qiymətləndirirəm. Bizim demoqrafik vəziyyəti inkişaf etdirməyə çox böyük ehtiyacımız var. Azərbaycanda demoqrafiyanın milli təhlükəsizlik məsələləri ilə bilavasitə bağlı olduğunu nəzərə alsaq, müharibədən çıxmış, hələ də müharibənin sabah olub, olmayacağı barəsində bir sualı qarşısında hiss edən dövlət üçün bu tipli addımlar çox ciddi nəticələr verə bilər. Faktiki olaraq, qanun uşaq tərbiyə etməyə, ailənin çoxuşaqlı olmasına o qədər də böyük üstünlük vermir. Ona görə bu məsələlərin özü də ciddi şəkildə düşünülməlidir.
Yaş həddinin qaldırılması ilə bağlı əmək pensiyalarının təyin edilməsindən danışarkən hörmətli Hadi müəllim dünya ölkələri ilə müqayisə apardı. Mən, məsələn, Avropa təcrübəsinə baxıram. Avropada qadınlar və kişilər pensiyaya 65 yaşdan da, 63 yaşdan da çıxırlar. Amma 65, 63 yaşında pensiyaya çıxanların orta yaş həddi 81, bəzi ölkələrdə 83-dür. Rəqəm etibarilə ən geridə olanları da 79-dur. Fərqə baxırsınızmı – 14 il, 15 il. Amma Azərbaycanda, – mən bilmirəm, yeni statistikanı haradan yazıblar, – 75 və 71. Keçən ilin statistikasına görə Azərbaycanda kişilərin orta ömrü 69 və qadınlarınkı 71 il idi. İndi deyirlər ki, 71–75-dir. Bu, inandırıcı deyil. Hətta 71 olsa belə, bu adam 40 il, 50 il işləyir, dövlətdən cəmi 7 il pensiya almaq imkanı əldə edir. Amma dünyada bu, 20 illə, 18, 19 illə ölçülür. Bu yaş həddini qaldıranda nəzərə almaq lazım idi ki, insanların orta ömrü nə qədərdir. Çox təəssüflər olsun ki, Azərbaycanda bu yaş həddi olduqca aşağıdır. İnsanlar ömrü boyu işləyir, dövlətə pul ödəyir. Sonra cəmi 6 il, 7 il, uzağı 10 il dövlətdən pensiya alır və o pensiyanın da miqdarı çox aşağı olur.
Əlilliyə görə əmək pensiyalarının təyin edilməsi şərtləri, mən hesab edirəm ki, doğru şəkildə dəyişdirilməyib. Mən burada bəzi məqamlara diqqət etdim və doğrusu, heç cür anlamadım ki, niyə Böyük Vətən müharibəsinin iştirakçısı olan birinci qrup əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin 140 faizi məbləğində, amma Azərbaycan torpaqları uğrunda döyüşmüş adamlara 100 faizi məbləğində əlavə hesablanır. Görünür ki, bu, sadəcə olaraq büdcə doldurmaq üçün atılan addımdır. Çünki Böyük Vətən müharibəsinin iştirakçısı olan birinci qrup əlilləri bu gün barmaqla saymaq olar. Amma Qarabağ müharibəsində Azərbaycan torpaqları uğrunda döyüşüb əlil olanlar çoxdur.
Mən, təbii ki, Böyük Vətən müharibəsində döyüşən insanlara da sayğı ilə yanaşıram. Onlar da bizim vətəndaşlarımızdır. Amma ola bilməz ki, nəhəng bir imperiya uğrunda döyüşüb birinci qrup əlil olmuş insanların pensiyasına 140 faiz, ikinci qrup əlillərə 110 faiz, üçüncü qrup əlillərə 90 faiz, Azərbaycan torpaqları uğrunda döyüşmüşlərə isə 100 faiz, 70 faiz, 50 faiz məbləğində əlavə hesablansın. Nə göstərir bu, biz SSRİ-ni daha çoxmu sevirdik? Azərbaycan uğrunda döyüşmüş və əlil olmuş insanlara bu qədər aşağımı yanaşmalıyıq, niyə? Bu sualın cavabı aydın olmalıdır. Mən bu məsələdə səlahiyyət sahibi olsaydım, Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşənlərə daha yüksək kvota müəyyən edərdim. Amma hesab eləsək ki, Birinci dünya müharibəsi illərində də, İkinci dünya müharibəsi illərində də biz elə o torpaqlara ümumi Vətən anlayışından baxırdıq, bu adamlar, heç olmasa, bərabər təmin olunmalıdırlar. Niyə bu şəkildə müəyyən olunub? Bu, doğru deyil və təbii ki, məndən sonra çıxış edənlər də bu məsələdə öz mövqelərini bildirəcəklər.
“Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi” adlı 29-cu maddədə bundan əvvəl qeyd olunurdu ki, yaşa görə əmək pensiyasının baza hissəsi ildə bir dəfədən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla artırılır. İndi isə təklif olunan variantda deyilir ki, yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Yəni belə çıxır ki, biz pensiyaların baza hissəsinə ildə bir dəfə baxmayacağıq, hökumət vəziyyətdən asılı olaraq, nə vaxt istəsə, əmək pensiyalarının baza hissəsinə baxacaq. Hesab edirəm, bu gün inflyasiyanın və dünya bazarında böhranın olduğu bir vaxtda bu, doğru deyil. Sabah dünya bazarında baş verə biləcək dəyişikliklər Azərbaycan iqtisadiyyatına mənfi təsir edə və daxili bazarda qiymətləri yüksək həddə qaldıra bilər. Buna görə də 29-cu maddə olduğu kimi saxlanılmalıdır. Ola bilsin ki, pensiyanın baza hissəsi heç qaldırılmasın, olduğu kimi saxlanılsın. Onsuz da burada qeyd edilir ki, pensiyanın baza hissəsi istehlak qiymətləri indeksinin illik səviyyəsindən az olmamaqla artırılır. İllik səviyyə olduğu kimi qala bilər. İllik səviyyə olduğu kimi qaldıqda pensiyanın baza hissəsi də olduğu kimi saxlanıla bilər. Amma indeks olduğu kimi qalsa da, əmək pensiyalarına hökmən ildə bir dəfədən az olmamaqla baxılmalıdır.
Sonda Vahid müəllimə məni düşündürən bir sualla müraciət edirəm. Mən çox istəyərdim ki, bunun dövlət büdcəsinə nə qədər xeyir verəcəyi, burada dövlət büdcəsinin nə qədər udacağı barədə suala hörmətli səlahiyyətli qurumlar cavab versin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Əmək pensiyalarına təklif olunan dəyişikliklər mahiyyət etibarilə indiyə qədər ölkədə pensiya ödənişi sistemində aparılan islahatların davamıdır. Bildiyiniz kimi, 2006-cı ildə Azərbaycan Respublikasında “Əmək pensiyaları haqqında” yeni Qanun qəbul olundu və həmin qanunun qəbul olunması ilə ölkədə pensiyaların və müavinətlərin ödənilməsi başqa-başqa qanunlarla tənzimlənərək, pensiya və müavinətlər bir-birindən ayrıldı. Əmək pensiyalarının yeni qanunla tənzimlənməsi ilə biz, əslində, burada hörmətli Hadi müəllimin də qeyd elədiyi kimi, sovet rejimində yaşadığımız 70 il ərzində malik olduğumuz pensiyaların ödənilməsinin həmrəylik prinsipindən imtina edib, yeni bir sistemə, pensiya ödənilməsinin sığorta sisteminə qədəm qoyduq. Bu sistemin öz tələbləri vardır və o tələblərdən biri də pensiya dövrünün dünya üzrə müəyyən edilmiş bir rəqəmə, yəni təxminən 12–12,5 ilə çatdırılmasıdır.
Burada yoldaşlar təsdiq edə bilərlər. Mən hətta 2005-ci ildə kişilərin və qadınların pensiya yaşının artırılmasının zəruriliyi barəsində fikir söyləmişdim. O zaman ölkədə islahatların növbəti addımlarında bu işin aparılması məqsədəuyğun sayılmışdı. Pensiya islahatlarının tərkib hissəsi olaraq, pensiya yaşının artırılması müxalifət düşərgəsində səsləndirildiyi kimi deyildir. Bu, reallığa, hesablamalara, ölkənin sosial-iqtisadi inkişafına, insanların əmək qabiliyyətli yaşda və əmək qabiliyyətli imkanlarda olmasına söykənir. Bu, müxalifət mətbuatında söyləndiyi kimi, nə bir inqilaba, iğtişaşa gətirib çıxaracaq, nə də hazırlanmış gizli bir təxribatın tərkib hissəsidir.
Yəqin ki, millət vəkillərinin yadında olar. 2001-ci ildə burada pensiya sistemində sağlamlaşdırıcı tədbirlər kimi, pensiyaçıların güzəşt və imtiyazlarının ünvanlı kompensasiyalarla əvəz olunması barədə təkliflərin müzakirəsi zamanı da müxalifətçi deputatlar və müxalifət mətbuatı bunu bir təxribat, sosial əks inqilab adlandırırdılar. Amma heç bir inqilab baş vermədi, pensiya sistemi də sağlamlaşdı, insanlar da razı qaldılar. İndi də hər kəs öz pensiyasını və kompensasiyasını almaqda davam edir.
Burada hörmətli Hadi müəllim dünya təcrübəsindən misal gətirdi və artıq MDB məkanındakı bir çox ölkələrdə həm pensiya, həm də sığorta yaşının artırıldığını dedi. Müxalifət düşüncəli insanların ən çox misal gətirdiyi Rusiya təcrübəsidir. Deyirlər ki, Rusiyada niyə pensiya yaşı aşağıdır və onlar bunu artırmırlar, Azərbaycanda isə artırırlar. Onu da demək istəyirəm ki, artıq Rusiyada da bu sahədə işlər gedir və Rusiyanın Maliyyə Nazirliyi hökumətə pensiya yaşının artırılması ilə bağlı öz təkliflərini vermişdir.
Hal-hazırda MDB məkanında pensiya yaşının artırılması bir sıra məsələlərlə bağlıdır. 1932-ci ildə SSRİ-də qadınların pensiya yaşı 55, kişilərinki isə 57 yaş müəyyənləşdirilib. O zaman SSRİ-də 60 yaşdan yuxarı olan əhalinin sayı 6,7 faiz təşkil edirdi. İndi isə Azərbaycanda pensiya yaşında olan insanların sayı əhalinin ümumi sayının 15 faizidir.
Digər tərəfdən, əmək qabiliyyətli əhalinin sayı ilə pensiya yaşında olan əhalinin sayı arasında müəyyən bir nisbət var ki, o nisbətin dəyişilməsi artıq sığorta sisteminə özünün mənfi və yaxud müsbət təsirini göstərir. Əgər SSRİ-də əmək qabiliyyətli hər min nəfərə 164 pensiyaçı düşürdüsə, indi Azərbaycanda həm orta ömrün azalması, həm də, – bunu açıq etiraf etməliyik, – əhalinin yaşlanma, qocalma prosesinin sürətlənməsi nəticəsində əmək qabiliyyətli hər min nəfərə 220 pensiyaçı düşür. Bu gün pensiya yaşının əvvəlki səviyyədə saxlanılması əmək qabiliyyətli yaşda olan insanların sığorta yükünün artmasına gətirib çıxarır.
Digər bir məsələ. Azərbaycanda pensiyaçıların cəmi 10 faizi işləyir. Amma son 3 ildə pensiyaya çıxanların 20–25 faizi işləməkdə davam edərək pensiyaya çıxmağı arzulamır. Bu nəyi göstərir? Mən statistikanı söyləyəcəyəm. Son illərdə pensiyaya çıxan insanların 20–25 faizinin işləməkdə davam etməsi bu insanların həm fizioloji, həm psixoloji, həm də intellektual baxımdan əmək qabiliyyətli olmasının və işləmək arzusunda olduğunun ifadəsidir.
Digər tərəfdən, burada söylənildi ki, Azərbaycanda pensiyaçıların orta ömrü Avropadakından azdır. Belə deyildir. Bu göstərici bəzi ölkələrdəkindən az olsa da, bəzi ölkələrdəkindən çoxdur. İndi Azərbaycanda orta ömür deyəndə əhalinin orta ömrü deyil, pensiyaçıların orta ömrü nəzərdə tutulmalıdır. Çünki uşaq ölümü var, gənc yaşlarında ölənlər var, qəzalarda ölənlər var. Bunlar sayılmır. Azərbaycanda pensiya yaşına çatandan sonrakı orta ömür kişilərdə təxminən 74,6 və qadınlarda 75,2 yaşdır. Onu da deyim ki, pensiya yaşı birdən-birə artırılmayacaq. Bu proses 6 il ərzində mərhələ-mərhələ aparılacaqdır.
Mən burada daha bir neçə məsələyə dair fikrimi bildirmək istəyirəm. Hörmətli deputat Əli Məsimli 18-ci maddənin birinci bəndi ilə bağlı məsələ qaldırıb. Biz bu məsələni komitədə müzakirə etdik, bu barədə Sosial Müdafiə Fondu ilə də məsləhətləşmələr apardıq. Əli müəllimin narahatçılığı və istədiyi nədən ibarət idi? O, təklif edirdi ki, hər iki valideynini itirmiş uşaqlara pensiyanın baza hissəsi 100 faiz məbləğində verilsin. Həmin müddəa qanunda artıq öz əksini tapıbdır.
Qanunun 29.1-ci maddəsi ilə bağlı narahatçılıqlara mən də qoşuluram və təklif edirəm ki, 29.1-ci maddədə dəqiqləşdirmə aparılsın. Bu dəqiqləşdirmə təxminən belə bir formada verilə bilər: “Əmək pensiyalarının baza hissəsi istehlak qiymətlərinin illik indeksinə uyğun olaraq artırılır”. Yəni müəyyən illərdə ölkədə istehlak mallarının qiyməti dəyişməzsə, pensiyanın baza hissəsi də artırılmaz. Amma istehlak qiymətləri artarsa, bu hökmən pensiyaların indeksləşdirilməsində öz əksini tapmalıdır.
Onu da deyim ki, 27-ci maddədə əmək pensiyalarının hesablanması ilə bağlı yeni mexanizmin tətbiq edilməsi bəzi müxalifət mətbuatında qeyd olunduğu kimi, pensiyaların azalmasına deyil, əksinə, aşağı həddə olan pensiyaların 20–30, bəzi hallarda 40 faiz artımına gətirib çıxaracaqdır. Ona görə də mən düşünürəm ki, siyasi spekulyasiyalara ehtiyac yoxdur. Bunlar pensiya sisteminin sağlamlaşdırılmasına, pensiyanın ödənilməsi qaydalarının yeniləşdirilməsinə və ölkədə sosial sığorta pensiyasının inkişafına yönəlmiş addımlardır. İnanıram ki, bu, əhali tərəfindən normal qarşılanacaq və gələcəkdə insanların pensiya təminatının yaxşılaşmasına xidmət edəcəkdir. Deputat həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları! Mən də təklif olunan bu əlavə və dəyişikliklərə səs verəcəyəm. Ümumiyyətlə, Azərbaycanda pensiya təminatı ilə bağlı mütəmadi olaraq islahatlar aparılıbdır. “Əmək pensiyaları haqqında” Qanuna bu əlavə və dəyişikliklər isə həmin pensiya islahatlarının növbəti bir mərhələsidir. Yəqin ki, gələcəkdə də pensiya islahatlarında belə addımlara ehtiyac duyulacaqdır.
Burada Hadi müəllim qanun layihəsini ətraflı surətdə şərh edərək, təklif olunan əlavə və dəyişiklikləri geniş şəkildə izah etdi. Əks tərəfin bununla bağlı irəli sürdüyü arqumentlərin heç birinin fundamental əsası olmasa da, bu qanun layihəsi Milli Məclisə təqdim olunan vaxtdan başlayaraq müxalifət mətbuatı cəmiyyətə onun təhrif olunmuş şəkildə çatdırılması istiqamətində fəaliyyət göstərir. Burada da opponentlərimiz qanun layihəsini tənqid edərkən dediklərini konkret arqumentlərlə əsaslandırmaqda çətinlik çəkirlər. Məsələn, Böyük Vətən müharibəsi iştirakçıları ilə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda vuruşmuş insanları müqayisə edirlər. Bunların hər ikisi azərbaycanlıdır. Böyük Vətən müharibəsinin iştirakçıları da vətən uğrunda vuruşublar və o insanların indi çox az ömrü qalıb. Onlara bu cür təminatın verilməsinin nəyi pisdir ki? Burada düzgün göstərilibdir, bu insanlar tam təmin olunmalıdırlar.
Biz indi bu qanun layihəsindən sonra Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında qanun layihəsini müzakirə edəcəyik. Orada göstərilir ki, sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan əsgərləri də müharibə veteranları hesab olunurlar. Çünki onlar Azərbaycan dövlətini, Azərbaycan xalqını təmsil edirlər. Böyük Vətən müharibəsində 600 min Azərbaycan əsgəri iştirak edib, onlardan 300 mini geri qayıtmayıb və qayıdanların da bir hissəsi şikəst olubdur. Ona görə də mən Böyük Vətən müharibəsinin iştirakçısı olan əlillərin pensiyasına bu cür əlavələrin hesablanmasını doğru hesab edirəm.
Yaş həddi ilə əlaqədar olaraq. Dünyada ən böyük problemlərdən biri də insanların məşğulluq yaşının müəyyən olunmasıdır. Yəni insanlar müəyyən bir yaş həddinə çatandan sonra pensiya məsələsinin ortaya çıxması onlara çox pis təsir edir. Ona görə ki, ictimai həyatda fəaliyyəti olmayan insan, görürsən, 1–2 ilə xarab olur, dünyasını dəyişir. Yəni pensiya yaşının dəyişdirilməsi də çox yerində olan bir dəyişiklikdir. Kişilər indiyədək 62 yaşında pensiyaya çıxırdı, indi 63 yaşında çıxsın. Milli Məclisin deputatlarından 62 yaşı olanlar var. İndi hansına deyək, gəl çıx pensiyaya? Hamısı deyəcək ki, pensiya yaşı 63 olsun, 65 olsun, 70 olsun, elə 75-dən aşağı olmasın.
Çoxuşaqlı analar məsələsi. 5 il, 7 il bundan qabaq çoxuşaqlı ailələrdə 12, 18 uşaq olurdu. Birdən nə oldu, hamı iki və ya bir uşaqla kifayətləndi? Elə bir şey yoxdur. Statistikaya görə Azərbaycan artımı olan postsovet ölkələri içərisində birinci yerdə olan ölkədir. İndi çoxuşaqlı ana 5 uşağı olan qadın hesab olunmalıdır. Azərbaycanda bu, normal haldır. Bu Məclisdə mən 10 adam göstərərəm ki, ailədə 8, 10, 12 uşaqdan biri olub. Hamısı da oxuyub, ali təhsil alıb, vətənə, xalqa lazımi insanlar kimi yetişib, fəaliyyət göstəribdir. Hər şey ailədə uşaqların sayından deyil, valideynin verdiyi tərbiyədən və uşağın özünün qabiliyyətindən asılıdır. Ona görə də 5 uşaqlı qadını çoxuşaqlı ana hesab etmək normal haldır, Azərbaycan üçün lazımdır, vacibdir, zəruridir.
Digər məsələləri burada deputat həmkarlarım qeyd etdilər. Mən də həmkarlarıma qoşulub bu qanun layihəsinin qəbul olunmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Mən də hörmətli həmkarım Hadi müəllimin dediklərinə şərik çıxaraq hesab edirəm ki, ölkəmizin sosial siyasətində ən mühüm məsələlərdən biri əhalinin pensiya təminatıdır. Əlil olmasına, ailə başçısını itirməsinə və yaşa görə pensiya alanlar daha çox qayğıya ehtiyacı olan insanlardır. Ona görə dövlətimiz bu qrupa aid olan şəxslərə daim diqqət yetirir.
Hazırda ölkəmizdə 1 milyon 300 min pensiyaçı vardır və hər bir işçiyə təxminən 3,2 nəfər pensiyaçı düşür. Bu, əlbəttə, maliyyə təminatı baxımından çox böyük çətinlik yaradır və dövlət büdcəsindən Sosial Müdafiə Fonduna xeyli miqdarda vəsait köçürülməsini tələb edir. Əgər nəzərə alsaq ki, təyin olunmuş aylıq pensiyanın miqdarı son 3 ildə 2,4 dəfə artmışdır və bu artım qanunvericiliklə sonrakı illərdə də nəzərdə tutulur, onda pensiyaçıların pensiya təminatında necə böyük bir gərginlik yarana biləcəyini təsəvvür etmək çətin deyildir.
Digər tərəfdən, bizim insanların sağlamlıq durumu və işləmək həvəsi onların pensiya yaşının artırılmasına imkan verir. Mən istəyirəm, hörmətli deputat həmkarlarıma deyim ki, – burada hörmətli Hadi müəllim dedi, – bizim də komitəyə çox müraciətlər olur. İnsanlar nəinki məktub göndərir, hətta mənim yanıma gəlir, şəxsən müraciət edirlər. İnanın, cənab Sədr, biri müraciət edir, deyir ki, elə məktəbdə gedim 5 manat alım, az alım, amma işləyim. Deyir, pensiyaya çıxsam, öləcəyəm. Maddidən əlavə, bunun bir mənəvi tərəfi var. Çünki bizim insanlar işə o qədər alışıblar ki, işdən ayrılmaq istəmirlər. Ona görə də pensiya yaşını artırmaq çox yerində və düzgün bir məsələdir.
Qanun layihəsində əmək pensiyası almaq hüququ verən sığorta stajının 5 ildən 12 ilə qaldırılması da sosial ədalətin bərpa edilməsinə xidmət edir. Belə ki, cəmi 5 il stajı olan şəxslə 25 il stajı olan şəxsin əmək pensiyası eyni qaydada hesablanırdı. Layihədə nəzərdə tutulan dəyişiklik bu ədalətsizliyi aradan qaldıracaq, eyni zamanda, əmək pensiyasının sığorta hissəsini almaq üçün işçilərin marağını artıracaq və Dövlət Sosial Sığorta Fonduna, işçilərin əmək haqqı fonduna müvafiq pul vəsaitinin köçürülməsinə nəzarəti daha düzgün və dolğun həyata keçirməyə imkan verəcək. Bu dəyişiklik bir çox məsələlərin həllinə, ilk növbədə işləyən adamların gələcəkdə pensiya almaq hüququnun bərpa edilməsinə xidmət edir.
Nəzərə almaq lazımdır ki, formalaşmaqda olan bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisə və təşkilatlarda işləyənlərin sayına və onların işə götürülməsinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarətin həyata keçirilməsində çox böyük problemlər mövcuddur. Bu işi, əsasən, əmək müfəttişlərinin üzərinə atmaq lazımi nəticə vermir. Düşünürəm ki, bu məsələyə əmək qabiliyyətli yaşda olan adamların hamısının geniş cəlb edilməsi baxımından sığorta stajının 5 ildən 12 ilə qaldırılması yaxın vaxtlarda öz müsbət nəticəsini verəcəkdir. Çünki çoxlu sayda əhali işləsə də, onlar işəgötürənlər tərəfindən rəsmiləşdirilmədən fəaliyyət göstərirlər. Bu da həmin adamların gələcəkdə pensiya almaq hüquqlarını əllərindən alır. Bunun qarşısını almaq üçün ən düzgün və effektli yol sığorta stajının artırılmasıdır. Ona görə biz bu dəyişikliyi dəstəkləməliyik.
Digər tərəfdən, sığorta stajının dəyişdirilməsi işçilərlə işəgötürənlər arasında münasibətlərin qanunvericiliyə uyğun tənzimlənməsinə və Dövlət Sosial Müdafiə Fonduna daha çox vəsait toplamasına imkan verəcəkdir. İndiyədək bəzi işçilər düşünürdülər ki, pensiya yaşına çatanda gedib hansısa bir təşkilatdan 5 illik sığorta stajı barədə arayış əldə edib, əmək pensiyasının sığorta hissəsini ala biləcəklər. Artıq bu düzəlişdən sonra onlar 12 illik sığorta stajı barədə arayış almağa ümid edə bilmədiklərinə görə işəgötürəndən onlara ödənilən aylıq əmək haqlarından əmək haqqı fonduna və Sosial Müdafiə Fonduna pul köçürməsini tələb edəcəklər. Əks təqdirdə onlar belə təşkilatlarda işləməkdən imtina edəcək və bununla da hər bir hüquqi şəxs işə götürdüyü şəxsi müvafiq qanunvericiliyə uyğun rəsmiləşdirəcəkdir. Bu da öz növbəsində həm hər bir vətəndaşın gələcəkdə öz pensiyasını almaq hüququndan istifadə etməsini, həm də Dövlət Sosial Müdafiə Fonduna daha çox vəsait köçürülməsini təmin edəcək və son nəticədə pensiyaların məbləğini artırmağa əlverişli maddi imkan yaradacaqdır.
Mühüm dəyişikliklərdən biri də işçilərin pensiya kapitalının hesablanmasıdır. Qanunda bu məsələ öz əksini tapsa da, onu müəyyən etmək olduqca çətin bir proses idi. Ona görə ki, hələ SSRİ-nin vaxtında qazanılan əmək haqlarının bir neçə dəfə dəyişməsi, 1990-cı illərin əvvəlində baş verən güclü inflyasiya əmək haqlarını indiki pulla hesablamaqda çox böyük problemlər yaradırdı. Bu səbəbdən də qanunun tam icrasını təmin etmir və müəyyən narazılıqlar yaradırdı. Təqdim edilən layihəyə görə 2006-cı il yanvarın 1-i tarixinə sığorta olunanın əvvəlki iş stajının hər ili üçün 170 manat pensiya kapitalı onun fərdi hesabında qeyd olunacaq. Bu vəsait pensiya məbləği hesablanarkən qanunun 10-cu maddəsində edilən dəyişikliyə uyğun nəzərə alınmaqla mövcud uyğunsuzluğa son qoyacaqdır. Bu isə əhalini sığorta haqqı ödəyən təşkilatlarda işləməyə və daha artıq əmək haqqı almağa sövq edəcəkdir ki, bu da son nəticədə iqtisadi inkişafa təkan verəcəkdir.
Mən bütün bunlara əsaslanaraq hesab edirəm ki, bu qanun layihəsi zamanın tələbidir. Ona görə də mən hörmətli deputat həmkarlarımı bu əlavə və dəyişikliklərə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Burada deyildi ki, məsələ artıq mediaya, ictimai gündəmə çıxandan sonra bunun əleyhinə güclü təbliğat aparılmaqdadır. Bu, başa düşüləndir. Çünki sosial sfera həmişə diqqət mərkəzində olub, hər bir insan onu çiyinlərində daşıyır, həssas bir problemdir, eyni zamanda, siyasi xallar qazanılmasına imkan verən bir meydandır. İnsanların sosial torbasını başı üzərinə qaldırmaq siyasi ideologiya üçün çox əlverişlidir. Amma bunu sağçı qüvvələr edəndə, üstəlik öz çıxışlarını əks-inqilab tezisləri ilə bəzəyəndə lap təəccüblənirəm. Hərdən fikirləşirəm ki, təsadüfən Leninin ruhu qayıtsa idi, o bizim bu qüvvələrə baxıb təəccüblənərdi. Çünki o özü heç bu qədər sərt olmamışdı. Ona görə mən düşünürəm ki, biz birinci növbədə bu prosesləri nəzərə alıb bu məsələ ətrafında kütləvi informasiya vasitələrində təbliğatı son dərəcə güclü qurmalıyıq. Nəzərə almalıyıq ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu bir az fərqli bir kampaniya olsa da, 2010-cu ilə yönəlik bu ətrafda əlini isitmək istəyənlərin sayı həddindən çox olacaqdır.
Bu iqtidarı təmsil edən, bu platformada dayanan insanların valideyni yoxdurmu? Bizim də hamımızın eyni dərəcədə zəhmət adamı olan valideynlərimiz var və biz də danışanda birinci olaraq o insanları düşünürük. Kim isə belə hesab etməsin ki, on illər ərzində bu hakimiyyət Azərbaycan cəmiyyətinin bu ağırlığını çiynində daşıyıb, indi birdən-birə sosial öhdəliklərindən imtina etmək istəyir. Qətiyyən. Gəlin etiraf edək ki, Azərbaycan kimi unikal ölkələr çox azdır. O baxımdan ki, 10 ildir, müharibənin çox böyük ağırlığı bizim çiynimizdədir. Amma danışanda Avropanı nümunə gətirir, müharibəsi olan, 20 min şəhidi, bu qədər əlili, müharibə veteranı olan və daha böyük sosial yükü çiyinlərində daşıyan bir ölkə ilə Avropa ölkələrini müqayisə edirik.
On illərdir ki, Azərbaycanda sosial pensiyalar sistemi ən ağır şərtlər altında bu dövlətin çiyinlərində daşınıb. Özü də necə daşınıb. Bu, sirr deyil ki, on illər ərzində biz dövlətin üzərinə bu sosial ödəmələri bir az da qədərindən artıq qoymuşuq, o baxımdan ki, hər birimiz bir qohumumuzu, bir əqrəbamızı saxta yolla pensiyaya çıxarmışıq. Bu, həqiqətdir. Mən burada sirr açmıram və kiminsə də çörəyini kəsmirəm. Mən buna qarşı getməyin yollarını da artıq görmürəm. Çünki biz hamımız bunda maraqlı olmuşuq. Ona görə hər bir ailədə qeyri-qanuni sosial ödəmələr alan insanlarımız var. Əgər biz keçmişdə bunları etməsəydik, indi bu şərait də formalaşmazdı.
Üçüncü mühüm məsələni demək istəyirəm. Bunu guya dövlətin birdən-birə maliyyə yükünün ağırlaşması, iqtisadi böhranın ağır təsirlərini daşıya bilməməsi, buna görə də 500 milyon qazanmaq istəməsi ilə izah etmək, əlbəttə, yanlış olardı. Azərbaycanın hansısa əlildən, pensiyaçıdan kəsib öz büdcə imkanlarını genişləndirməsinə ehtiyacı yoxdur. Burada söhbət məsələnin mahiyyətini daha dəqiq ifadə etməkdən gedir. Mahiyyət isə ondan ibarətdir ki, pensiya sisteminin təkmilləşdirilməsinə ehtiyac var.
Rusiyadan danışırlar. Rusiya qocalan, əhalisi artmayan bir ölkədir. Onun nümunəsini bizdə tətbiq eləmək olmaz. Avropa ölkələrindən misal gətirirsiniz. Mən bir statistikanı demək istəyirəm. Avropa ölkələrində 1960-cı illərdə belə bir təcrübə var idi, 60 yaşına çatdın, sənə 1000 avro pul verilirdi. Bu məsələnin fəlsəfəsi belə qurulmuşdu. Sonra gördülər ki, belə getsə, dövlətə 500 milyard avro vəsait lazım olacaq. Çünki ildən-ilə pensiyaçıların sayı 13,5 faiz artmaqdadır. Ona görə Avropa ölkələri də bu sistemi təkmilləşdirməkdədir.
Hər birimiz etiraf edirik ki, Səlim Müslümov Dövlət Sosial Müdafiə Fondunun rəhbəri təyin olunandan sonra bu sistemdə xeyli islahatlar aparılıb və dövlət başçısı da pensiya sisteminin təkmilləşdirilməsinə böyük diqqət göstərir. Biz deyirik, keçmişdə daha çox əmək istehsal eləmiş insanla sonrakı dövrdə pensiyaya çıxanlar arasında birincilərin ziyanına ciddi fərqlər vardır. Bu, aradan qalxmalıdır. Bunu inkar eləmirik ki? Yox. Bu hamımızınmı doğmalarına tətbiq olunacaq? Hə. Bu pensiyanı təkcə müxalifətçinin anası, ya iqtidarda olanın anası alası deyil ki? Yox. Bu, ölkənin bütün əhalisi üçündür.
İkinci məsələ. Bəzən düşünürəm ki, biz çox maraqlı bir ölkəyik. Əmək qəzalarında əlil olma hallarına qarşı mübarizə aparmaq istəmirik, amma əlillərin reabilitasiyasından danışırıq. Sosial fonddan tələb edirik ki, bu sahəyə ayırmaları artırsın. Mən ötən müzakirələrdə demişdim ki, Yevronyus kanalında günlərlə bir reklam gedirdi. Çoxmərtəbəli binalarda iş aparanlara sadə bir jilet geyindirirlər ki, oradan əli qopsa, bir mərtəbə keçəndən sonra onun jileti açılsın. Biz bunu eləmək istəmirik, nə qədər əlillər yaranır. Səhiyyənin üzərinə ciddi problemlər qoyuruq. Əlilliyin qarşısını almaq istəmirik, nəticəni yaxşılaşdırmaqla məşğuluq. Ona görə hesab edirəm ki, biz dövlətdən başqa şey tələb etməliyik. Tələb etməliyik ki, sən vətəndaşı işlə təmin elə, onun sosial müdafiə sistemini normal qur, əmək haqqını yaxşı elə, diqqəti bu sahəyə yönəlt.
Məndə hərdən belə bir fikir yaranır ki, Azərbaycanda bir kult var – pensiyaçılıq kultu. Mənə hərdən elə gəlir ki, bu adam 30 yaşında yaxşı yaşamaq istəmir. 40 yaşında da bunu heç düşünmür. Yalnız 60 yaşında sonrakı həyatının necə olacağını fikirləşir. Onda da saxta yolla, saxta arayışlarla durumunu yaxşılaşdırmağa çalışır. Amma bizdə fəlsəfə dəyişsə ki, diqqəti daha çox buna yönəldək, dövlətdən bunu tələb edək, bu, ajiotajla qarşılaşmayacaq və normal da qəbul olunacaq.
Mən hesab edirəm ki, biz pensiya fəlsəfəsini dəyişməklə dövləti vətəndaş qarşısında daha çox borclu eləmiş və dövlətin üzərinə daha çox yük qoymuş olacağıq. Ona görə də bu məsələ ətrafında xüsusi gərginlik yaratmadan ona səs verməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Müzakirə olunan məsələ ciddi siyasi yükü olan bir məsələdir. Ona görə də burada bu məsələnin lehinə və əleyhinə olanların olması təbiidir. Bu nöqteyi-nəzərdən bütün dünyada olduğu kimi, Azərbaycanda da pensiya ilə bağlı müzakirələr bu cür fikir toqquşmaları şəklində gedir. Bu müzakirələr, məsələn, Fransa kimi, İtaliya kimi ölkələrdə iğtişaşlarla müşayiət olunur. Belə fikir toqquşmalarında qeyri-adi bir şey yoxdur. Həqiqət diskussiyada üzə çıxır. Ona görə nə qədər çox diskussiya olsa, bu, ümumi işin xeyrinədir.
Azərbaycan sosial yönlü bazar iqtisadiyyatını prioritet kimi götürür. Ona görə pensiya sistemində aparılan islahatlar pensiyaçıların vəziyyətini yaxşılaşdırmalı, onların vəziyyətinə mənfi təsir göstərməməlidir kontekstindən çıxış etmək lazımdır. İkincisi isə, bu, dünya alimlərinin diqqətini kifayət qədər cəlb edən məsələdir. Buna elmi yanaşmaq, bunu əsas arqument kimi götürmək lazımdır. Bu nöqteyi-nəzərdən bəzi məqamları qeyd eləyib, təkliflərimi irəli sürməyi vacib hesab edirəm.
Birinci, hamının yadındadır ki, Azərbaycanda 1997-ci ilə qədər qadınların pensiya yaşı 55, kişilərinki isə 60 idi. 1997-ci ilin avqustundan 2000-ci ilə qədər mərhələlərlə qadınların yaşı 57-yə, kişilərin yaşı isə 62-yə çatdırıldı. Əksər ölkələr 20 ildən, 30 ildən, 50 ildən bir pensiya yaşının qaldırılması məsələsinə qayıdırlar, Azərbaycan isə 10 il bitməmiş bu məsələyə qayıdır. Belə bir sual ortaya çıxır. Bu hansı zərurətdən irəli gəlir? Bu sualın araşdırılmasına böyük ehtiyac var.
İkinci məqam. Hər min nəfərə düşən pensiyaçıların sayı Belarusda 252, Moldovada 175, Rusiyada 271, Ukraynada 285, Azərbaycanda isə deyildiyi kimi 250 yox, 147 nəfərdir. Yenə sual ortaya çıxır. Əgər Azərbaycanda hər min nəfərə düşən pensiyaçıların sayı keçmiş SSRİ-yə daxil olan ölkələrin orta göstəricisindən yaxşıdırsa, burada sosial yükün dövlətin üzərinə düşməsi ilə bağlı hələlik elə bir ciddi problem gözlənilmirsə, onda niyə bu məsələ qalxdı?
Üçüncü arqument. Orta Asiya dövlətlərini çıxmaq şərti ilə Azərbaycanın göstəriciləri qocalma mərhələsinə başlayan və qocalan ölkələrin göstəricilərinə nisbətən yaxşıdır. Hələlik Azərbaycanda pensiya yaşında olanlarla işləyənlərin nisbətində problem yoxdur.
Başqa bir arqumenti nəzərinizə çatdıra bilərəm. Rusiyada, Ukraynada, Belarusda, Baltikyanı ölkələrdə artıq 45-60 yaşında olan adamların sayı 15–24 yaşında olan adamların sayını ötüb və burada ciddi bir problem yaranıb. Məsələn, Ukraynada büdcənin təxminən 17–18 faizi pensiyaya əlavələrə gedir. Azərbaycanda nə qədər gedir? 4,5–4,9 faiz. Bu da yenə bir elmi yanaşmadır ki, bunu da nəzərə almaq lazımdır.
Azərbaycanda əgər pensiya yaşına yaxınlaşanlar, yəni 45–64 yaşlılar 1,7 milyondursa, 15–24 yaşlılar 1,9 milyondur. Deməli, yaxın perspektivdə işləyənlərin sayı ilə pensiyaçıların say nisbətində ciddi bir təhlükə gözlənilmir. Yaxud başqa bir kontekstdən çıxış edib göstərmək olar ki, bir pensiyaçıya düşən işləyənlərin sayı, məsələn, Ukraynada və Rusiyada artıq birin birə nisbətindədirsə, Azərbaycanda bir pensiyaçıya 3,2 nəfər işləyən düşür. Bir pensiyaçıya 4,4 nəfər əmək qabiliyyəti olan və yaşı pensiya yaşından aşağı olan adam düşür.
Biz neçə nəfəri sığortaya götürə bilirik? 4 milyondan artıq işləyən adamdan 1 milyon 490 min nəfərini sığortaya götürə bilirik. Bu, Rusiyadakından da aşağı rəqəmdir. Problemin kökünü də elə burada axtarmaq lazımdır. Əlaqədar təşkilatlar sosial sığortaya cəlbetməni lazımi səviyyədə həyata keçirmədiyinə görə Sosial Müdafiə Fonduna pulun ödənilməsində problem yaranıb. Kökü burada axtarmaq lazımdır. Rəqəmlərə diqqət eləyəndə görürük ki, Azərbaycan hökumətinin üzərində başqa ölkələrlə müqayisədə elə böyük bir yük yoxdur. Əgər sosial sığortaya cəlb edilənlərin sayı bir qədər artırılarsa, sosial sığortaya cəlb edilən məbləğ 1,2 milyard yox, hesab edirəm ki, 2 milyard, 2,5 milyard olar və beləliklə də, büdcəyə ağırlıq düşməz. Burada başqa vasitələrdən də istifadə etmək, məsələn, kölgə iqtisadiyyatının səviyyəsinin aşağı salınması, onun leqallaşdırılması istiqamətində işlər görməklə də nəticə əldə etmək olar.
Mən konkret təkliflər irəli sürmək istəyirəm. Pensiyaçıların yaşının 9 ildən sonra birdən-birə radikal surətdə qaldırılması bəlkə də əhalinin bir hissəsi – müəllimlər, həkimlər, elm sahəsində çalışanlar üçün məqbul sayılacaq, amma bir hissəsi üçün problem yaratdığına görə, burada kompromis variantdan, İsveç variantından istifadə oluna bilər. Yəni kim istəyirsə, indiki şərtlərlə pensiyaya çıxa bilər. Beləliklə, narazıları da razı salmaq, problemin bir hissəsini həll eləmək olar.
İkinci, burada düstur göstərilib, düsturda sığorta məsələsi qəbul edilmədiyinə görə bu, bilavasitə pensiyaları aşağı salacaq. Hesablamalar göstərir ki, 30–40 il işləyən adam 145 manata qədər pensiya alacaq. Bu cür ahıl bir insanın 145 manatla yaşamasını mən bu gün o qədər də məqbul hesab eləmirəm. Niyə 170 götürülüb? Bu rəqəm 2004–2006-cı illərin orta əmək haqqıdır. Amma bu gün orta əmək haqqı 170 manat deyil, 300 manatdır. Niyə 300 manata yaxın rəqəm götürülmür? 300 manata yaxın rəqəm götürülsə, bu, artıq kifayət qədər başqa bir pozisiyanı yaradacaq, pensiyaçılar da razı qalacaqlar. Sonra, bölünəndə 12-yə bölünür. Qadınların və kişilərin pensiyadan sonrakı ömür müddətini götürüb ikiyə böləndə bu, haradasa 10,7 eləyir. Niyə 12 götürülür? 11 götürülməlidir. Bu cür xeyli təklif var ki, həmin təklifləri qeyd eləmək lazımdır.
Mən Hadi müəllimin komitəsində təkliflə çıxış eləmişdim. Təşəkkür edirəm ki, Dövlət Sosial Müdafiə Fondu və komitə bu məsələ ətrafında xeyli dərəcədə iş görüb. Oqtay müəllim, hesab edirəm ki, bu çox savab bir məsələdir. 18.1-ci maddə, ailə başçısını itirməyə görə pensiya məsələsi. Burada birinci hissədə hər uşağa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanmasından söz gedir, amma ikinci hissə elə dəyişir ki, bundan yerlərdə sui-istifadə edərək ikinci uşağa artıq 75 manat yox, 37 manat yarım verilir. Savab işdir, ya cümləni iki yerə bölmək lazımdır ki, bu problem aradan qalxsın, ya da təlimatlarda bu barədə xüsusi göstəriş vermək lazımdır.
Növbəti məsələ isə sovet dövründə pensiyaya çıxanlarla bağlıdır. Bu istiqamətdə daha çox müraciətlər olur. O vaxt, məsələn, 200 manat, 132 manat pensiya alan adam indi 75 manat alır. Bu da ədalətsizlikdir. Bu ədalətsizliyi aradan qaldırmaqdan ötrü Dövlət Sosial Müdafiə Fonduna kömək göstərilməsini vacib hesab edirəm. Diqqətinizə görə sağ olun.
 Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, gərək biz “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklərə müxalifət-iqtidar nöqteyi-nəzərindən yanaşmayaq, daha çox bu məsələnin xeyirli və zəruri tərəflərini müzakirə eləyək. Burada deyilənlər, sadəcə, fikir mübadiləsi kimi qəbul olunsun.
Mən ən əvvəl ondan başlamaq istəyirəm ki, hörmətli Hadi müəllim elə bugünkü çıxışında da və indiyə kimi mətbuata verdiyi açıqlamalarında da dəfələrlə bəyan edib ki, biz büdcənin daha çox gəlir əldə etməsi, daha çox qazanması üçün bu addımı atırıq. Mən düşünürəm ki, insanlarda qıcıq doğurmayan daha inandırıcı arqumentlərlə bu dəyişikliyin zərurətini qeyd etmək olardı.
Biz Avropaya inteqrasiya edirik, istənilən məsələdə Avropa təcrübəsindən yararlanırıq, misallar gətiririk. Burada orta ömür həddindən çox danışıldı. Bilirsiniz ki, inkişaf eləmiş Avropa ölkələrində orta ömür 80 il götürülür, rəsmi statistikada bu belədir. Bu ölkələrdə insanlar 65 yaşında, – Almaniyada bu rəqəm daha yüksəkdir, – pensiyaya çıxırlar. Amma onlarda orta ömür həddi həmin insanlara pensiyaya çıxdıqdan sonra ən azı 12 il pensiya almaq imkanı verir. Amma bilirsiniz ki, bizdə orta ömür daha aşağı göstərilib. Mən BMT-nin, Amerika Dövlət Departamentinin, eyni zamanda, Dünya Bankının hesabatlarına diqqətinizi yönəltmək istəyirəm. Orada Azərbaycanda orta ömür 66 il göstərilib. O halda mən düşünürəm ki, belə bir dəyişikliyin edilməsi insanlarımızın ziyanına işləyən bir məsələdir. İnsanlar illərlə, 30–40 il işləyərək dövlətə vergi ödəyirlər və biz pensiyaya çıxandan sonra ondan faydalanmaq imkanlarını da onlara verməliyik.
Digər tərəfdən, nəzərə alaq ki, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Onlar uzun illər ağır şərtlər altında çadırlarda, meşələrdə yaşayıblar. Onların gərginlik və stress keçirdiklərini hər birimiz bilirik. O halda biz Azərbaycanda orta ömürlə bağlı rəqəmin belə sürətlə yüksəlməsinə, təbii ki, inana bilmərik. Ümumiyyətlə, hesab edirəm ki, Qarabağ məsələsi həll olunmayana, 760 mindən artıq məcburi köçkünümüz ev-eşiyinə qayıtmayana qədər biz gərək “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyi etməyəydik.
Hörmətli Hadi müəllim, bu dəyişikliyin zərurətini bir də onunla izah elədi ki, ona yaşlı insanlar, xüsusilə də təhsil işçiləri tərəfindən müraciətlər daxil olur. Onlar işləmək, fəaliyyət göstərmək istəyirlər. Amma mən düşünürəm ki, biz bu məsələyə bir az fərqli nöqteyi-nəzərdən yanaşmalıyıq. Təbii ki, bizim mentalitetimiz də fərqlidir. Avropa insanı daha tez sərbəst olmaq, öz vaxtını istirahətə, səyahətə sərf eləmək istəyir və buna görə daha tez pensiyaya çıxır. Amma bizim insanlarımız yaşlarıı çatandan sonra da pensiyaya getmək istəmirlər və onlar istəyirlər ki, əllərində səlahiyyətləri olsun, işləsinlər. Təbii ki, bu bizim mentalitetimizlə bağlıdır. Amma gəlin nəzərə alaq ki, hər il xeyli sayda gənclərimiz ali məktəbi bitirirlər, mütəxəssis kimi yetişirlər. Əgər biz insanları vaxtında pensiyaya göndərə bilməsək, həmin gəncləri iş yeri ilə necə təmin edə biləcəyik? Onlar öz potensiallarını hansı formada reallaşdıracaqlar? Bu qədər, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi, əlbəttə ki, gələcəkdə Milli Məclis tərəfindən qəbul olunmuş “Əmək pensiyaları haqqında” Qanunun daha da təkmilləşməsinə, pensiya sisteminin sağlamlaşdırılmasına xidmət edəcək. Bunlar burada səsləndirildiyi kimi, mətbuatdan eşitdiyimiz kimi, ajiotaj yaratmağa və yaxud da insanların sosial rifah halının pisləşməsinə xidmət edən əlavə və dəyişikliklər deyil.
Burada orta yaş həddindən danışıldı. Orta yaş həddi ilə bağlı bizdə səslənən rəqəm heç də kişilər üçün 74, qadınlar üçün 75 yaş deyil. Burada pensiya alanların vəfat etdikləri vaxtın kişilər üçün 74, qadınlar üçün isə 75 yaş olması nəzərdə tutulur. Nəzərinizə çatdırıram ki, bu belə nəzərdə tutulur.
Əlavə və dəyişikliklərdə məqsəd, eyni zamanda, pensiya-sığorta sistemində dövlətin üzərinə düşən yükü bir az azaltmaqdır. Məndən əvvəl də çıxış edən hörmətli Hadi müəllim də, siyasi həmfikirlərim də qeyd etdilər ki, bu əlavə və dəyişikliklər nəyə xidmət edir. Dövlət büdcəsindən təkcə 1 il ərzində pensiyalar üçün 1 milyard 500 milyon manat vəsait köçürülüb. Gəlin baxaq görək, biz bu yükü azaltmaqla bu vəsaiti iclasın əvvəlində Qənirə Paşayevanın dediyi kimi, infarktların, ürək qüsuru olan uşaqların müalicəsinə, yaxud da digər sosial problemlərin həllinə sərf edə bilmərikmi? Bu baxımdan mən də hesab edirəm ki, bu əlavə və dəyişikliklərin edilməsi çox zəruridir.
Bu gün biz məsələnin yalnız maddi tərəfini deyil, eyni zamanda, mənəvi tərəfini də nəzərə almalıyıq. İnsanlar işləmək istəyirlər. Burada qeyd olundu ri müəllimlərdən, həkimlərdən, mədəniyyət sahəsində çalışanlardan bizə xeyli müraciətlər olur. İnsanları potensial imkanlarının, bilik səviyyəsinin daha yüksək olduğu müdrik çağlarında onlardan istifadə etmək əvəzinə işdən çıxarırlar. Belə sui-istifadə halları aradan qaldırılmalıdır. İnsanlar ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak etmək istəyirlər. Bu məsələnin onların sağlamlıqları üçün nə qədər faydalı olduğunu burada hörmətli Eldar müəllim də səsləndirdi. İşdən çıxandan sonra biz onların hansı vəziyyətə düşdüklərini, sağlamlıqlarına dəyən ziyanı bilirik. İnsanın özünün bir bioloji ritmi, əmək ritmi var. İş qabiliyyəti imkan verirsə, onu birdən-birə kəsmək olmaz.
Mən başqa bir aspekti də nəzərinizə çatdırmaq istəyirəm. Bu əlavə və dəyişikliklər ölkəmizin iqtisadi qüdrətinin artmasının nümunəsidir. Mən bunu arqumentlərimlə əsaslandırıram. Bu gün bütün bölgələrdə yeni infrastrukturlar yaradılır, yeni xəstəxanalar tikilir. Bu gün ölkəmizin artan iqtisadi gücü şəraitində bəzi xəstəliklərin müalicəsi erkən əlilliyin qarşısının alınmasına xidmət edir və onların iş qabiliyyətinin yüksək olmasına gətirib çıxarır. Bu gün elə bir bölgə yoxdur ki, orada müasir diaqnostik aparatlar olmasın və erkən əlilliyə səbəb ola biləcək halların qarşısı alınmasın. Mən də hesab edirəm ki, bu əlavə və dəyişikliklərin edilməsi çox zəruri bir haldır. Mətbuatda müxtəlif mənfi fikirlər səslənir, amma bunun müsbət tərəflərini də qeyd etmək lazımdır. Komitə sədri hörmətli Hadi müəllim qeyd etdi ki, hər iki valideynini itirən uşaqların əmək pensiyasının baza hissəsinin 100 faiz artırılması nəzərdə tutulur. Yaxud da 29-cu maddədə əmək pensiyalarının artırılması və indeksləşdirilməsi məsələsinin özünü biz məhz bu əlavə və dəyişikliklərin konsepsiyasının artma istiqamətinə xidmət edən bir amil kimi nəzərə almalıyıq. Ayrı-ayrı maddələrə şərhlər verildi. Hörmətli həmkarlarım 5 il sığorta stajı əldə edib dərhal pensiyaya çıxmaq məsələsini düzgün qeyd etdilər. Yaxşı, dövlət büdcəsindən hər il bu ziyanı ödəmək, digər halların qarşısını almaq üçün bu qədər vəsait ödəməliyikmi? Dövlətdən tələb edirik, ancaq dövlətə nə verdiyimizi heç kim bizdən soruşmur. Bəli, bu gün açılan yeni iş yerləri, yeni texnologiyaların tətbiqi, ölkəmizin iqtisadi gücü, qüdrəti imkan verir ki, insanların orta ömür yaşı çox olsun və onlar işləsinlər. Bu gün biz tibbi sığortadan danışırıq. Gəlin, tibbi sığortanı inkişaf etdirmək üçün insanların işləməsinə şərait yaradaq, aldığımız əmək haqlarından digər sığorta haqlarını ödəyək və ölkəmizin inkişafına, gələcəyinə xidmət edək. Mən hesab edirəm ki, bu əlavə və dəyişikliklər yerindədir və mütləq qəbul olunmalıdır. Biz bu qanun layihəsinə səs verməliyik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr! Mən hörmətli jurnalistlərdən xahiş edirəm ki, hörmətli Əli Məsimlinin çıxışının stenoqramını dərc etsinlər, çünki o burada qanun layihəsindəki dəyişikliyin lehinə səslənən olduqca primitiv arqumentləri elmi şəkildə, rəsmi-statistik rəqəmlərlə darmadağın etdi.
İkinci, hörmətli dövlət başçısı İlham Əliyevə deyirəm ki, Əli Məsimlinin çıxışını oxusun və ya dinləsin. Ona hansı qanun layihəsi imzalatdıqları və bu qanun layihəsinin tarixdə onun adı ilə qalması üzərində bir daha düşünsün.
Biz qocalara və ahıllara qarşı olan münasibəti çox görmüşük. Diqqət etsəniz, məsələn, Spartada, ümumiyyətlə, primitiv cəmiyyətlərdə qocaları, sadəcə olaraq, əvvəl yeyirdilər. Bir qədər mədəniləşəndən, sivilizasiya artandan sonra onları aparıb meşədə və sair yerlərdə azdırırdılar, yəni ölümə məhkum edirdilər. İnkişaf getdikcə, sivilizasiya artdıqca valideynə, qocaya, ahıla, qadına, anaya, uşağa, əlilə, yetimə sosial yardım, sosial qayğı deyilən məsələ meydana gəldi. Bu, bəşərin ən əxlaqi, ən mədəni məsələsi kimi meydana gəldi və inkişaf getdikcə dövlət bu məsələni öz üzərinə götürdü. Orta əsrlərdə dövlətin üzərində heç nə yox idi, ancaq uşaqlar öz valideynlərini saxlamalı idi.
Din, dini həmrəylik yarandı, daha sonra sosial həmrəylik yarandı. XXI əsrdə biz burada oturub bütün bəşəriyyətin və insanlığın ən mühüm nailiyyətlərini Hadi Rəcəblinin dediyi kimi, bazar prinsiplərinə qoyuruq. Bazar sözünün Azərbaycan dilində bir neçə mənası var. Məsələn, Rusiyada buna “rınok” deyirlər. Sözün həqiqi mənasında, burada insana, uşağa, anaya, qadına, qocaya bazar münasibətinin İlham Əliyev hökuməti tərəfindən açıq şəkildə nümayiş etdirilməsinin şahidi oluruq. Hünərləri, əsasları, arqumentləri varsa, bunun belə olmadığını sübut etsinlər. Bir daha təkrar edirəm, biz burada Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə, Azərbaycan anasına, Azərbaycan əlilinə, Azərbaycan veteranına, Azərbaycan yetiminə - bütün insanlara qarşı sözün hərfi mənasında bazar münasibətinin bir daha şahidi olduq və gördük. Mən bunu qətiyyətlə pisləyirəm. Mənsub olduğum siyasi qurumun qəti mövqeyini ifadə edirəm. Ölkənin ana, uşaq təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, müxalifət partiyalarının birmənalı şəkildə buna qarşı olduğunu xalq bilsin. İnşallah Azərbaycan xalqının həqiqi demokratik seçkilərində hakimiyyətə gəlib bu antisosial inqilabın mənfur nəticələrini həmin xalq üçün rədd edəcəyik, xalq buna əmin olsun.
Hadi müəllim burada bizimlə bağlı “siyasi şou və siyasi oyunbazlıq” ifadələrini işlətdi. Mən deyərdim ki, bəzi çıxışlarda riyakarlıq var. Konkret olaraq 29 maddəyə diqqət edin. Hörmətli Əli Məsimli də dedi, referendumda yazılan normal müddəalardan biri də bu idi ki, dövlət sosial yönümlü iqtisadi siyasət aparacaqdır. Burada iştirak edən bütün Yeni Azərbaycan Partiyasının iqtisadçıları, politoloqları, ideoloqları sübut etsinlər ki, bu dəyişikliklərdə hansı sosial yönüm vardır? Mən ona görə 29 maddənin adını çəkirəm ki, sosial müdafiənin əsas elementlərindən biri insanların gəlirlərini, xüsusilə təqaüdləri, o cümlədən əmək pensiyalarını inflyasiyadan qorumaq, onun alıcılıq qabiliyyətini, yaşamağa imkan verən çərçivəsini genişləndirməkdən ibarətdir.
Hələ 1991-ci ildə Ayaz Mütəllibovun prezidentliyi dövründə “Əhalinin əmək gəlirlərinin qorunması haqqında” Qanun qəbul olundu və gəlirlərin indeksləşdirilməsi məsələsi,–ildə 2 dəfədən az olmayaraq və yaxud inflyasiya 5 faizdən az olduqda,–bizim qanunvericiliyə gətirildi. “Əmək pensiyaları haqqında” Qanunda da imperativ qaydada hər il bunun indeksləşdirilməsi tələb kimi qoyulurdu. İndi bu ləğv edilir. Dünən Birləşmiş Millətlər Təşkilatının İqtisadiyyat Komissiyasının rəyi açıqlandı ki, dünya maliyyə böhranı aradan qalxdıqdan sonra çox güclü inflyasiya gözlənilir. İkincisi, Birləşmiş Millətlər Təşkilatının Ərzaq Komissiyasının rəyinə görə 1911–1912-ci illərdə ərzaq məhsullarının qiymətlərinin kəskin şəkildə artması gözlənilir. Cəmi 75 manat və yaxud bir qədər ondan artıq – 96 manat əmək pensiyası alan, – bu da əmək pensiyaçılarının 90 faizini təşkil edir, – insanlar bu dəhşətli inflyasiya və qiymət artımı qarşısında hansı vəziyyətdə qalacaqlar? Bunu təsəvvür etmək üçün böyük hesablamalara, çox böyük insafa, çox böyük ədalətə malik olmalıyıqmı? Bu qanun o 90 faizi səfalət vəziyyətinə salacaq.
Deyirlər ki, burada dəyişən, pis vəziyyətə gətirən nədir? 10 uşaq böyütmüş qadın 44 yaşında pensiyaya çıxmaq hüququ əldə edirdi. Mən özümdən misal gətirirəm. Mənim həyat yoldaşım 3 uşaq böyüdüb. 5 il əmək stajı olduğuna görə keçən il 52 yaşında əmək pensiyasına çıxdı. Amma bu qanun o vaxt olsaydı, insanlar 60 yaşa qədər gözləməli olacaqdılar.
Burada fikirlər səslənir ki, guya biz insanları işə cəlb etməliyik. İndiki qanun çox düzgün, ədalətli bir qanundur. Həm pensiya hüququ verir, həm də işləmək. Mən hökumətin 2006-cı ildəki hesabatlarını gətirmişəm, çox mühüm nailiyyətlərdir. Mən razıyam, bu irəliləyiş idi ki, əvvəl işləyən pensiyaçıların pensiyalarının 50 faizi verilirdi, daha sonra 100 faizi. O da Milli Məclis tərəfindən ləğv olundu. İndi nə oldu ki, birdən-birə nəinki 50 faizi, həm də 100 faizi ləğv olunur? Burada hüquqdan söhbət gedir. İndiki qanunvericilik pensiyaya çıxan qadına, yaxud kişiyə işləməyi qadağan etmir. Kim istəyirsə 70, 75 yaşa qədər işləyə bilər. Niyə bu antisosial qanun layihəsini verməklə belə yalançı, doğru olmayan arqumenti səsləndirirlər və xalqı aldatmağa cəhd edirlər? Sizin özünüz tərəfindən Milli Məclisdə qəbul edilmiş qanunlar var və eyni zamanda, müzakirələrdə səsləndirilmiş çıxışlar var. Xalqı bu yolla aldatmaq mümkün deyil. Məni dəhşətə salan o oldu ki, burada qadınlar və kişilər haqqında sosial ədalətdən danışıldı. Cəmiyyət üçün övlad, əsgər, dövlət adamı böyütməkdən, mən bu ifadəni çox sevmirəm, insan istehsalından daha vacib, daha müqəddəs bir sahə varmı ki? Bizim analarımız bununla məşğul olur, indi biz onlara verilən bu imtiyazları götürürük.
Deyirlər ki, büdcədə vəsait çatmır. Bəli, ölkəyə gələn hər vaqon taxtaya cəmi “20 kop” yazırlar, 80 manata sənədləşdirirlər. Bir vaqonun sənədləşdirilməsi 100 manata qalxıb. Pul oradadır. 80 min maşını gömrükdə 2-3 min dollara sənədləşdirirlər, halbuki onlar 100 minlik maşınlardır. 6 min, 7 min, 10 min, 70 min pul alırlar. 150 milyon pul oradadır. Ölkəyə idxal olunan mallara görə gəlir vergisi və gömrük rüsumu düzgün alınsa, 2 milyard pul ortaya çıxar. Bu indi tələb olunan 500 milyonu 4 dəfə artırır. Yaxud Əli müəllimin dediyi bir faktın üzərinə gəlirəm. Müvafiq orqanlar əhalinin real gəlirlərini qeydə alıb Dövlət Sosial Müdafiə Fondu üçün sığortaya cəlb etmək əvəzinə ən asan yolla gedirlər. Bu 500 milyon dollar 2-3 dəfə artırıla bilər. Yaxın 50 ildə Azərbaycanda bu islahatı aparmağa ehtiyac yox idi. Düzgün siyasətin aparılması, xalqın soyulmasının, korrupsiyanın yarıbayarı azaldılması nəticəsində Azərbaycanın indiki sosial müdafiəsi sistemini 30 il təmin etməyə imkan verən maliyyə resursları ortaya qoyula bilərdi. Bu antisosial inqilab xalqa qarşı ən böyük cinayətdir, zərbədir. Xalq bunun haqq-hesabını sizdən istəyəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox alovlu danışırsan, Pənah bəy, bir az sakit olun. Bahar Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən haqqında söhbət gedən məsələnin kifayət qədər tərəfdarlarının və kifayət qədər əleyhdarlarının olması məntiqini qəbul edirəm. Çünki bu, həqiqətən də, hər bir kəsə, hər bir ailəyə aidiyyəti olan bir məsələdir. Ən müxtəlif fikirlərin meydana çıxmasını da təbii və normal qəbul edirəm. Amma həmin fikirlər də bir çərçivədə təqdim olunmalıdır və sənin haqlı olduğun səsinin gücü ilə yox, arqumentlərlə sübut edilməlidir.
Məndən əvvəl çıxış edən şəxsin bir neçə fikrinə cavab verməmək mənim tərəfimdən günah olardı. Əvvəla, Prezidentə hansısa sənədi imzalatdırmaq adəti məhz Xalq Cəbhəsi – Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrə təsadüf edir. Çox yaxşı ki, bu həddən artıq dəhşətli, insanı vahiməyə salan, hətta Pənah Hüseynin bugünkü vəziyyətə salınması həddinə insanları gətirib çıxaracaq bir məqam Azərbaycanda çox az çəkdi. Amma çox böyük zərərli nəticələri bu gün də hiss olunmaqdadır. Hələ də düşüncələrdə o fikirlər var ki, Prezidentə hər bir sənədi imzalatdırmaq olar. Baxır hansı prezidentə və kimin prezidentinə. Azərbaycan xalqının seçdiyi, bu gün özünə lider hesab etdiyi və haqlı olaraq qürur duyduğu bir şəxsiyyətə nə isə imzalatdırmaq mümkün deyil. Mən çox xahiş və tələb edirəm ki, fikirlərinizdə korrekt olun və ölkə Prezidentinin şərəf və ləyaqətinə, onun komandasının öz səlahiyyətini, vəzifələrini yerinə yetirmək haqlarına hörmətlə yanaşın. Elə etməyin ki, sizə də aidiyyəti şəkildə cavab verilsin.
Çox yaxşıdır ki, Azərbaycan parlamentində çoxdan bu cür “alovlu” çıxışlara son qoyulubdur. Hər kəs soyuq məntiqlə, ağılla, arqumentlə fikirlərini ortaya qoyur. Onda onu dinləmək, qəbul etmək, məntiqini də anlamaq olur. Azərbaycan qadınlarının adından danışmaq üçün burada 14 qadın millət vəkili var. Onlar da əgər problemlərin ağrı-acısı varsa, həmin qadınlarla birlikdə bunu yaşayırlar, uğurlarını da hiss edirlər. Şəxsən mən bilirəm ki, Azərbaycan qadınları nəinki pensiya yaşını, heç ondan yaşını soruşanda söyləmək istəmir. Həqiqətən də, bu gün qadınların bir çoxu bu yaşda pensiyaya getmək istəmir.
Siz, millət vəkilləri, deyin, bu müraciətlər hansı birimizə olmur? Şəxsən mənim hər qəbulumda vaxtından əvvəl pensiyaya göndərilməsi ilə bağlı şikayətə gələnlər olur. Deyir ki, yaşımın, təcrübəmin, ağlımın, bacarığımın, qabiliyyətimin çiçəkləndiyi bir vaxtda məni bu hakimiyyət pensiyaya göndərir, mən də getmək istəmirəm. Əlbəttə, Aynur xanım burada qeyd etdiyi kimi, gənc mütəxəssislərin yerləşdirilməsi məsələsi də arqument kimi qəbul oluna bilər, çünki onlar da özlərinə iş yeri tapmalıdırlar. Amma həqiqətən, biz illərlə qazanılan təcrübənin verdiyi müsbət nəticələri inkar edə bilmərik.
Bu gün burada əyləşənlərin bir çoxunun yaşı pensiya yaşından yuxarıdır. İndi gələn dəfə bu insanlar namizədliklərini verməyəcəklər? Onlara deməliyik ki, pensiya yaşınız çatıb. Yaxud da biz bunu özümüzə tətbiq etmək istəyirikmi? Azərbaycan reallıqlarını nəzərə almaq lazımdır. Bu gün və inanıram ki, hələ neçə illər bundan sonra da Azərbaycanda bu düşüncə hakim olacaq ki, mən pensiya yaşlı deyiləm, heç də qoca deyiləm, dövlətim, xalqım, ailəm üçün işləmək qabiliyyətim var və onu həyata keçirməliyəm.
Burada pensiya yaşının artırılmasının alınacaq məbləğlərə təsirindən danışıldı. Biz pensiya məbləğinin qaldırılmasına heç bir məhdudiyyət qoymuruq. Azərbaycan dövlətinin imkanı olduğu hallarda yaşın neçə olmasından asılı olmayaraq pensiya məbləğini artıra bilər və artırır da. Bunun təcrübəsi Azərbaycanda var. Bu da ciddi arqument deyil.
Burada bazar münasibətlərindən danışıldı. Bəli, bazar münasibətləri, bazar yanaşması, bazar təfəkkürü Azərbaycanda olub. Bu da həmin illərdə baş verib və çox yaxşı ki, qısa bir müddət çəkib və Azərbaycan artıq bundan xilas olubdur.
Üç uşaqlı ananın çoxuşaqlı ana sayılması məsələsi. Bilirsiniz ki, Azərbaycanda çox uşaqlar doğulur. Vaxtilə bu qayda Azərbaycanda olub. Amma nəzərə almaq lazımdır ki, bu gün tendensiya bir uşaq, iki uşaqdan ibarətdir, gənc ailələr ondan oyana keçirmirlər. Əgər bu gün bizim qarşımızda belə bir demoqrafik problem yoxdursa, on il bundan sonra olacaq və biz bunu bu şəkildə stimullaşdırmalıyıq. Beş uşaqlı ana çoxuşaqlı ana sayılır. Bunun özü irəliyə doğru atılan və eyni zamanda, bu sahəni, demoqrafik inkişafı, artımı stimullaşdıran bir addımdır. Nə vaxtdan Azərbaycanda üç uşağı olan ailə çoxuşaqlı sayılıbdır? Çoxuşaqlı ailə doqquzdan başlayır, on beşə, on yeddiyə qədər gedir. Amma indi vəziyyət kökündən dəyişib, hər kəs bir uşaqla, iki uşaqla kifayətlənir. Bu da gələcəkdə nə qədər böyük problemlər yaradacaq, onu yalnız gələcək göstərəcək. Ona görə hesab edirəm ki, biz bu gündən sabaha yönəlik addımlarımızı atmalıyıq və bu qanun layihəsi də bizə məhz həmin addımları atmaq üçün imkan verəcəkdir.
Burada səsləndi ki, Hadi müəllim nə vaxtsa “biz büdcəyə daha çox vəsait cəlb etmək üçün bu addımı atırıq” deyib. Hadi müəllim ömründə belə söz deyə bilməz və deməz, çünki məqsəd bu deyil. Qanunu təqdim edən adam necə belə bir söz deyə bilər? Ona görə də öz fikirlərinizdə Hadi müəllimin adından istifadə etməyin. Hadi müəllim danışdı və burada hamı onu eşitdi. Şəxsən mən belə bir fikir eşitməmişəm və ilkin müzakirələrdə də belə bir söz deyilməyib. Kimsə bunu demək istəyirsə, öz adından desin.
Burada Zahid Oruc tərəfindən bir fikir səsləndi. Mən hər kəsə cavab vermək istəmirəm, amma sadəcə, o söz mənə toxundu. Deyir ki, bu gün hər ailədə bir nəfər qeyri-qanuni pensiyaya çıxmış adam var. Bu nə deməkdir? Bu cür müdafiə bizə lazım deyil. Yaxud da “biz çalışırıq ki, yaxın adamlarımızı saxta yolla pensiyaya çıxaraq” deyildi. Bəyəm Azərbaycanda pensiya işinə baxan dövlət qurumları saxtakarlıqla məşğuldur? Ona görə mən çox xahiş edirəm, fikirlərinizdə bir az diqqətli olun. Biz çox ciddi bir qurumda əyləşmişik, çox ciddi işlərlə məşğuluq və çox ciddi bir məsələ ətrafında müzakirə aparırıq. Yaxud da deyildi ki, qaçqınlar çadırlarda, meşələrdə yaşayırdılar. Fikirlərinizdə bir az diqqətli olun, xanımlar. Söyləmək istədiyiniz fikirlər heç zaman sizə imkan verməməlidir ki, bu cür yanlışlıqlara yol verəsiniz.
Biz başqasının işində, fəaliyyətində daim nöqsan axtarırıq, amma beş dəqiqəlik çıxışımızda o qədər nöqsana yol veririk ki. Bu bizə haqq vermir ki, bütün millətin, bütöv bir xalqın, ölkənin taleyi haqqında nəinki düşünən, hər gün ardıcıl şəkildə fəaliyyət göstərən bir insanın və onun komandasının haqqında qeyri-dəqiq ifadələr işlədək. Ona görə də hər kəs çalışsın ki, özünün beş dəqiqəlik çıxışında bu yanlışlıqlara yol verməsin. Ölkəni idarə etmək, bir xalqı, milləti iqtisadi-sosial cəhətdən təmin etmək asan məsələ deyil. Bu gün Azərbaycanda bunu məhz cənab İlham Əliyevin rəhbərliyi altında mövcud iqtidar həyata keçirir. Ona görə də heç bir antixalq, antisosial inqilabdan söhbət gedə bilməz. İnqilablara adət eləyibsiniz, amma Azərbaycanda o olmayacaq. Qarşıdan gələn bələdiyyə seçkiləri və parlament seçkiləri zamanı Azərbaycanda növbəti rəngli inqilabların davamını görmək mümkün olmayacaq. Çünki bugünkü iqtidarın apardığı səriştəli siyasət, Azərbaycan xalqının mütləq əksəriyyətinin bu siyasəti qəbul etməsi və onun ardında dayanması bunu deməyə əsas verir. Ona görə də Oqtay müəllim, mən hesab edirəm ki, çox da geniş müzakirələrə bu qədər ehtiyac yoxdur. Kifayət qədər fikirlər səslənib, mənə elə gəlir ki, səsverməyə qoymaq olar. Sağ olun.
Sədrlik edən. Ziyafət müəllim də söz istədi. Ziyafət müəllimə beş dəqiqə vaxt verək. Xahiş edirəm, bir az qısaldın. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Mən çox uzun danışmayacağam, çünki hörmətli Əli Məsimovun çıxışından sonra bu məsələnin hakimiyyət tərəfindən, konkret olaraq İlham Əliyev tərəfindən bir daha dəyərləndiriləcəyinə ümid edirəm. Düşünürəm ki, bu zalda əyləşən millət vəkillərinin seçildiyi dairələrdə heç bir seçici bu məsələni müsbət qarşılamır. Bunu mən birmənalı deyirəm. Komitədəki müzakirədən sonra olduğum rayonlarda bu qanun layihəsini insanlarımızın çox ağrılı qəbul etdiyi barədə fikirləri bir daha buradan səsləndirməyi özümə borc bildim.
Hörmətli Bahar xanımın və Yeni Azərbaycan Partiyasından olan millət vəkillərinin burada fərqli-fərqli arqumentləri dilə gətirməsi bir daha onu sübut edir ki, deputatların bu qanun layihəsinə münasibəti fərqlidir. Biri bunu büdcədə kəsirlərin olması ilə əlaqələndirdi, digəri Avropa ölkələri ilə müqayisədə lazımi bir qanun layihəsi kimi təqdim etdi, hörmətli Hadi müəllim isə müəllimlərin müraciəti əsasında gündəliyə gəlməsini əsaslandırmağa çalışdı. Mən düşünürəm ki, bu qanun layihəsi cənab İlham Əliyev tərəfindən qəbul olunmayacaq, imzalanmayacaq. Bu fikirlər nə qədər arqumentli görünsə də, burada çıxış edənlərin içərisində belə bu qanun layihəsinə etiraz və onun qəbul olunmasına mənfi bir yanaşma var.
Bahar xanım qeyd etdi ki, bəli, belə qanunların imzalanması ilə bağlı Prezidentə heç kəs təsir edə bilməz. İnanıram ki, cənab İlham Əliyev burada qeyd olunan “vergi orqanlarından, gömrükdən, digər gizli iqtisadiyyatdan gizlədilən pullar hesabına büdcəni doldurmaq olar” fikrini nəzərə alacaq və bizim yaşlı nəsillərin bu qədər aşağılanmasına imkan verməyəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Mən hesab edirəm ki, hər kəs öz adından danışmalıdır. Burada bir çox çıxışlar oldu. Biri dedi ki, BMT-də deyiblər ki, Azərbaycanda orta yaş həddi 66 ildir. Digər biri də dedi ki, qadınların orta yaşı filan qədərdir, bunu da başqa təşkilat deyib. Əvvəla götürün bir kitab oxuyun, statistika nədir öyrənin. Elə deyirlər ki, 2 milyard oradan çıxacaq, 5 milyard buradan çıxacaq. Şifahi ədəbiyyatda işlədilən cümlələrdən əl çəkin də. Deyir ki, filan yerdə 2 milyard çıxacaq, orada oğurluq var, o biri yerdən 5 milyard çıxacaq. Siz qanunverici orqanı təmsil edirsiniz, dediyiniz sözə fikir verin arqumentlə danışın. Ziyafət müəllim, buyurun.
Z. Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, sizi yormaq fikrində deyiləm, sadəcə, fikirlərimi sizinlə bölüşmək istəyirəm. Burada qanun layihəsinin lehinə və əleyhinə çıxışlar oldu. Mən bunları tamamilə təbii qəbul edirəm. Amma öz fikrim ondan ibarətdir ki, bu təkmil bir qanun layihəsidir, təşvişə düşmək lazım deyil. Bu qanunun tətbiqi altı il müddətində ağrısız həyata keçiriləcək. Mən burada bir problem görmürəm və təəssüf edirəm ki, yenə də bizim opponentlərimiz bu qanunun fəlsəfəsini başa düşmədilər. Mən sizə müraciət edirəm. Hansı iqtidar istəyər ki, bu cür qeyri-populyar bir qanun layihəsini Milli Məclisə göndərsin? Əgər biz bu qeyri-populyar qanunu qəbul ediriksə, deməli, buna elmi əsas var.
Bayaq həmkarım Pənah Hüseyn çox odlu-alovlu çıxış elədi və qədim Spartadan misal gətirdi. Hörmətli Pənah Hüseyn, qədim Spartaya getmək lazım deyil. 90-cı illərin əvvəllərində siz – AXC–Müsavat hökuməti veteranların, müharibə əlillərinin üzərində az qala inkvizisiya məhkəməsi qurmuşdunuz. Veteran qorxudan medalını taxa bilmirdi, pensiyasını kəsirdiniz. Spartaya niyə gedirsən? İndi nə olub, Pənah Hüseyn veteranın, əlilin dərdini bizdən çox çəkir? Onların dərdini Prezidentdən çox çəkirsiniz?
Yerdən. (Eşidilmir.)
Z. Əsgərov. Xahiş edirəm, diqqətli olaq, bir-birimizə hörmət edək. Bilirsiniz, bu cür ucuz, populist çıxışlarla camaatı çaşdırmaq lazım deyil. Bilirsiniz ki, həftədə bir dəfə bizim dövlət televiziyasında “Parlament həftəsi” verilişi gedir. Çox xahiş edərdim, Hadi müəllimin çıxışını orada tam versinlər. Hadi müəllim hər şeyi rəqəmlərlə, olduğu kimi çox gözəl izah elədi. Xahiş edərdim, onu olduğu kimi versinlər.
Digər bir məsələ. Səhv eləmirəmsə, İqbal müəllim dedi ki, niyə burada 1941–1945-ci illərin müharibə əlilləri ilə Qarabağ əlillərinə fərq qoyulub, onlara çox faiz verilib? Bilirsiniz, əvvəla, gəlin, nəzərə alaq ki, onların hamısı bizim öz vətəndaşlarımızdır. O vaxt SSRİ dövlət idi, vətənimiz idi. Amma biz bu gün müstəqil dövlətik, artıq bizim öz vətənimiz var. Əlbəttə, onların faizlə nisbətini götürsək, tamamilə fərqli rəqəmlər alınır. Ona görə də hesab edirəm ki, bunları faizlə müqayisə etmək düzgün deyil.
Digər bir tərəfdən, bəs siz bunu nəzərə almırsınız ki, Azərbaycan MDB-də yeganə ölkədir ki, Qarabağ əlillərinə ev tikir? Özü də pulsuz ev tikir, pulsuz maşınlar verir, 1 milyondan çox qaçqın var, işıq, qaz pulu vermirlər. Bunların hamısı dövlətin üzərində yükdür axı, Pənah. Mənim əzizim, bunları dərk eləmək lazımdır. Vallah mən sizi inandırıram ki, Amerika Birləşmiş Ştatları 1 milyon qaçqının bu qədər xərcinə tab gətirə bilməzdi. Özü də bu, düz iyirmi ildir ki, davam edir. İndi pensiya yaşı bir-iki il qalxıbdır, bunu faciəyə çevirmək lazım deyil.
Pənah bəy dedi ki, bəs iki ildən sonra inflyasiya başlayacaq. Bilirsiniz, BMT nə deyir, özü bilər. Mən BMT-nin o rəylərinə o qədər də ciddi yanaşmıram, çünki, BMT elə təşkilat olsa idi, Dağlıq Qarabağ haqqında qəbul etdiyi qərarlara hörmətlə yanaşardı. Mənim o təşkilata heç bir inamım yoxdur, nə dediyini də bilmirəm. Əgər Siz BMT-dən misal gətirirsinizsə, mən də Beynəlxalq Səhiyyə Təşkilatından bir misal gətirim. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, Azərbaycanda on səkkiz il ərzində orta yaş həddi altı il uzanıb. Bu, BST-nin rəsmi rəqəmidir. Ona görə belə çıxış edəndə konkret arqumentlərə əsaslanmaq lazımdır.
Mən Təhlükəsizlik və müdafiə komitəsinin sədri kimi tez-tez hərbi qulluqçularla, polislərlə görüşürəm. Onların özlərinin də xahişi budur ki, pensiya yaşının həddi artırılsın. Təsəvvür edin, iyirmi beş il xidmət edən zabiti 40, 45, 50 yaşlarında pensiyaya göndərirlər. Bu cavan oğlandı, nə etməlidir, nə işlə məşğul olmalıdır? Mən əminəm ki, vaxt gələcək hərbiçilərin də pensiya yaşı artırılacaq, çünki bunu özləri istəyirlər. Cavan oğlandır, niyə qırx yaşında pensiyaya çıxmalıdır? Deyir ki, Ziyafət müəllim, mən işləmək istəyirəm. Amma qayda-qanun belədir ki, iyirmi beş il xidmət elədinsə, pensiyaya getməlisən.
Bayaq qeyd elədiyim kimi, bu qanun layihəsi, hesab edirəm ki, bizim pensiyaçılarımızın həyat şəraitinə elə bir ciddi təsir göstərməyəcək. Əksinə, siz bilirsiniz ki, Azərbaycan dövlətinin başçısı hər il imkan düşdükcə maaşları da artırır, pensiyaları da. Yenə deyirəm, bu, dövlətin gücünə bağlıdır.
Deyirsiniz ki, iki ildən sonra inflyasiya olacaq. Bunu kim deyə bilər? Haradan bilirsiniz ki, inflyasiya olacaq? Nə cür, hansı səviyyədə olacaq? Əgər bu gün dövlət pensiya sahəsində islahat aparıb qabaqlayıcı tədbirlər görürsə, buna pis baxmaq lazım deyil. Əksinə, mən inanıram ki, iki-üç ildən sonra siz başqa dövlətlərin təcrübəsinə baxıb deyəcəksiniz ki, afərin, Azərbaycan iqtidarına, əvvəldən tədbirini gördü.
Almaniyadan, Fransadan, İtaliyadan danışdınız. Bəli, vaxtilə Almaniyada pensiya sistemi o cür qurulub. İndi zavodlar dayanıb, fikirləşirlər ki, nə edək, pensiya yaşını artıraq? Artıranda da partlayış olur. Deməli, əvvəlcədən tədbir görmək lazımdır ki, sonradan vətəndaşlarımız əziyyət çəkməsinlər. Bax, söhbət bundan gedir. Bunun fəlsəfəsi bundan ibarətdir. Yoxsa, belə nəticə çıxmasın ki, iqtidar qocaları, cavanları, uşaqları istəmir, amma hörmətli Pənah Hüseyn istəyir. Elə deyil! Pənah Hüseyn, Sizin qocalara da, qadınlara da, əlillərə də, yaşlılara da münasibətinizi biz 1991–1992-ci illərdə gördük.
Siz Əli Məsimliyə çox istinad edirsiniz. Əli Məsimlinin çıxışı sırf nəzəri məsələlərlə bağlıdır. Əli müəllim inciməsin, iqtisadçı olmasam da, mən onun arqumentləri ilə razı deyiləm. Əli müəllimin çıxışı sırf nəzəri bir məsələdir. Əli müəllim İsveç dövlətindən misal gətirdi. Hörmətli Əli müəllim, İsveçdə bir milyon qaçqın yoxdur. İsveç hökuməti Ermənistanla müharibə aparmır və hələ heç kim bilmir ki, sabah Azərbaycan bu məsələni hansı qaydada həll edəcək. Bunu da nəzərə almaq lazımdır.
Bəli, Azərbaycanın resursları böyükdür. Bu gün Azərbaycanın ehtiyat büdcəsi 20 milyard dollara yaxındır. Əli müəllim, Siz bunu bilirsiniz. Bəli, imkanımız var. Amma biz onu deyə bilmirik ki, sabah bu Qarabağ məsələsi hansı yolla həll olunacaq. Bir dənə patronun alınması bilirsiniz, Azərbaycana neçə dollara başa gəlir? Sabah adi bir müharibə əməliyyatı başlasa, biz onu nə ilə alacağıq? Deməli, bizim ehtiyatımız olmalıdır. Ondan sonra pensiyaçının pensiyasını verə bilməyəndə nə olacaq? Mən hesab edirəm, bu cür çıxışlar Azərbaycan iqtidarının apardığı müvəffəqiyyətli sosial iqtisadi siyasətə qarşı təxribatdır. Mən bunu səmimi deyirəm, populist çıxış xətrinə demirəm. Azərbaycan Prezidentinin bu sahədə apardığı siyasət çox düzgündür.
Pənah Hüseyn, mən Sizə müraciət edirəm. Sizin zamanınızda, rəhmətlik Elçibəyin hakimiyyətdə olduğu dövrdə biz müxalifətdəydik. Mən Elçibəy haqqında heç vaxt təhqiramiz bir fikir işlətməmişəm və sizdən də tələb edirəm, mənim Prezidentim haqqında nəzakətlə danışın, doğru ifadələr işlədin. Mənim Prezidentim sənin Prezidentin deyil. Onu bütün dünya qəbul edib. O, Heydər Əliyevin oğludur və o kursu da davam etdirir. O kursun bu gün davam eləməsi xalqın sosial rifahına xidmət edir. Təşəkkür edirəm.
Sədrlik edən. Mən nəyi demək istəyirəm? Ziyafət müəllim bir az əsəbiləşdi. Amma doğrudan da, hər şeyi öz gördükləri kimi bilirlər. Vaxtilə necə qol çəkiblərsə, fikirləşir ki, indi də elə qol çəkilir. Ona görə belə şeylərə çox fikir vermək lazım deyil.
Səlim müəllim, mövqelər məlumdur. Xahiş edirəm, burada səslənən suallara yığcam şəkildə cavab verin, çünki gündəlikdə başqa məsələlərimiz də var.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən belə açıq müzakirəyə görə sizə dərin təşəkkürümü bildirirəm. Burada Ziyafət müəllim çox gözəl bir söz dedi. Vallah, 10 gündən yuxarı vaxt vardı və biz hazır idik ki, bu qanunun fəlsəfəsini sizə açaq. Onun fəlsəfəsini düzgün qəbul eləmək lazımdır. Qanun qətiyyən büdcə vəsaitlərinə qənaət üçün qəbul olunmur. Bu çətin deyil, götürün, hesablayın. Məsələn, keçən il Azərbaycanda 49 minə yaxın adam pensiyaya çıxıb. Gələn il bunun yarısı çıxacaq, çünki yaş 6 ay artırılır. Orta aylıq pensiya məbləği 105 manatdır. Hər ay 4 min 83 nəfər adam pensiyaya çıxır. Vurun, hesablayın. Biz bunu hesablamışıq, 49 min adama 30 milyon manat pul lazımdır. Bunun da yarısı altı aydan sonra alacaq.
İkinci tərəfdən, biz axı köhnə dövr üçün qanunvericiliyi dəyişirik. Mən sizə bir misal çəkim. Mən xahiş edirəm, bizim statistikaya heç kəs şübhə etməsin, çünki bu, konkret insanlara söykənir. Hər bir millət vəkilinə istənilən an onu təqdim eləməyə hazırıq. 1 milyon 300 min nəfərin bütün göstəriciləri bizdə avtomatlaşdırılmış şəkildə var və biz həmin statistikaya əsaslanıb bu sözləri deyirik.
Üç il doqquz ay ərzində – 1 yanvar 2006-cı ildən 1 oktyabr 2009-cu ilə qədər 168 min nəfərə yaşa görə pensiya təyin olunub. Onlardan 101 min 800 nəfərin pensiyası 75 manatdır. Bu da keçmiş dövrdə əmək haqların az olması ilə bağlıdır. Qanuna dəyişiklik edəndən sonra, yəni hər keçmiş ilə görə ona 170 manat pensiya hesablayanda 1 il ərzində 10 milyon manat əlavə pul xərcləyəcəyik. Yəni bizim ortada əgər yaşa görə 16 milyon manat qənaət varsa, bu dəyişikliyinə görə 10 milyon manat itki var. Söhbət 6-7 milyondan gedirsə, bu, qənaət adlana bilməz.
Bütövlükdə qanunun fəlsəfəsi ondan ibarətdir ki, biz Azərbaycanda 2006-cı ildən sığorta-pensiya sistemi ilə ünvanlı sosial yardım sistemini bir-birindən ayırmışıq. Niyə axı, beş il sosial sığorta haqqı ödəyən şəxs və 45 il sosial sığorta haqqı ödəyən şəxs eyni şəkildə pensiya almalıdır? Axı, bu doğru deyil. Sistemin özünün ortaya qoyduğu prinsiplər var. Bu, sığorta prinsipləridir. Sığorta prinsiplərinə görə əgər biz hesablama zamanı on iki ili götürürüksə, ən azından on iki il də sistemə sığorta haqqı ödəmək lazımdır. Ona görə də sosial sığorta stajı beş ildən on iki ilə qaldırılır.
İkinci, yaşın artması məsələsi ilə bağlı burada Əli Məsimlinin fikirlərinə çox istinad olunur. Siz elə fikirləşməyin ki, Səlim Müslümov Əli Məsimlidən zəif iqtisadçıdır. Xahiş edirəm, bunu belə qəbul etməyin. Biz 1940-cı ildən üzü bəri Azərbaycanın bütün demokratik göstəricilərinin bütün göstəricilərlə, bütün parametrlərlə bir yerdə tədqiqini aparmışıq. Biz müəyyən eləmişik ki, bəli, bu gün Azərbaycanda 4 milyon işləyən var. Bunun 2 milyonu kənd təsərrüfatında çalışır. Gəlin, bunu unutmayaq. Bizim kənd təsərrüfatında müəyyən elədiyimiz sosial sığorta haqqının dərəcələri o qədər aşağıdır ki, onu hətta 20 il yox, 40 il ödəyəndə də muzdla işləyənlərin 5 il ərzində ödədiyi məbləğ ortaya çıxmır. Onda gəlin, sosial sığorta haqqının dərəcələrini artıraq. Amma ona bu gün cəmiyyətdə heç kəs getməyəcək. Bütün MDB məkanında ən aşağı sosial sığorta dərəcələri Azərbaycandadır. İşəgötürənlər 22 faiz sosial sığorta haqqı ödəyirlər. Bildiyiniz kimi, Rusiya 2011-ci ildə bunu 26 faizdən 34 faizə qaldırır. Pensiyanın hesablanması zamanı tətbiq olunan bölünmə məxrəcini 234-ə qaldırır, amma bu gün bizdə bu 144-dür. Bunları qəbul etmək lazımdır.
Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda təqribən 1 milyon 350 minə yaxın muzdla işləyən adam var. 1 milyon 300 min də pensiyaçımız var. Bir adama bir nəfər işləyən düşür. Bunu artırmaq imkanları var. Bayaq qeyd olundu, kənd təsərrüfatına 2 milyon adam cəlb edə bilərik. Amma bunun 40 ildə ödədiyi işləyənlərin 5 ildə ödədiyinə bərabərdirsə, bu bizə nə verəcək? Bütün göstəricilər, yəni 4 əsas göstərici nəzərdən keçirilib. Belə ki, orta aylıq pensiyanın orta aylıq əmək haqqına olan nisbəti 40 faizə çatdırılmalıdır. Son 5 il ərzində biz bunu 25 faizdən 34-ə qaldırmışıq və bu istiqamətdə işlər davam etdiriləcək. Sosial Xartiyanı imzalamışıq və üzərimizə öhdəlik götürmüşük. Azərbaycan Respublikasının Prezidenti də bunu tələb edir. Orta aylıq pensiyanın məbləği orta aylıq əmək haqqına nisbətən 40 faiz qalxmalıdır. Bunun üçün də sığorta sistemi təmizlənməli, sığorta sistemi həqiqi sığorta prinsiplərinə əsaslanmalıdır.
Kimlərin bu sistemə girmək hüququ olmayacaq məsələsinə gəldikdə isə deyim ki, dövlətin ayrıca fəaliyyət göstərən ünvanlı sosial yardım sistemi və sosial müavinətlər sistemi var. Müraciət edib oradan vəsait alacaqlar. Həm də sizdə qanun var. Bildiyiniz kimi, gələn il ehtiyac meyarı artıq 65 manata qalxır və bizdə də pensiya 75 manatdır. Artıq gələcəkdə bunların hamısı eyni məbləğ gətirilib çatdırılacaq. Onda bizdən əmək pensiyası aldı, yoxsa ehtiyac meyarına əsasən ünvanlı sosial yardım aldı – bunun heç bir fərqi olmayacaq. Amma söhbət sığorta stajı və yaşı az olanlardan gedir.
İkinci, mən qadınlarla bağlı məsələyə toxunmaq istəyirəm. Bu barədə burada çox danışıldı. Dünyanın istənilən ölkəsinin təcrübəsinə baxın. Əgər hər hansı bir ölkədə 3-4 uşağa görə güzəşt verilirsə, onda biz də güzəşti yenidən bərpa edək. Bütün ölkələrdə bu 5 uşaqdan başlayır. MDB dövlətlərində bu güzəşt 10 il bundan qabaq ləğv olunub. Azərbaycan 10 ildir ki, bu güzəştləri saxlayıb. İndi sığorta sistemi müstəqil inkişaf etdiyinə görə, təbii ki, bu güzəştlər saxlanmamalıdır. 5 il sığorta haqqı ödəyən qadınla 25 il ödəyən qadın eyni pensiya almamalıdır. Artıq fərdi uçot sistemi var, hər kəsin ödədiyi vəsait hesabında yığılır. Bunun əsasında da gələcəkdə müəyyən olunacaq ki, o nə qədər pensiya almalıdır.
Yaş həddi barədə də fikrimi bildirmək istəyirəm. Xahiş edirəm, bir qədər dəqiq olaq. İki göstərici var. Doğulanda ömür uzunluğu tamam ayrı göstəricidir və siz hamınız bundan danışırsınız. Amma sığorta-pensiya sistemində bu göstəricilərdən qətiyyən istifadə olunmur. Sığorta-pensiya sistemində pensiyaya çıxdıqdan sonrakı ömür uzunluğu nəzərə alınır. Başqa cür buna “pensiyada olma müddəti” deyirik. Son 3 il 9 ay Azərbaycan pensiya sistemindən pensiya alan və rəhmətə gedən qadınların orta yaşı 75,8, kişilərin 74,7 yaş olub. Yəni 62 yaşdan sonra 12,7 il kişilər, 57 yaşdan sonra 18,8 il qadınlar bu sistemdən pensiya alırlar. Biz hələ çoxuşaqlı qadın kimi daha tez pensiyaya çıxanları ortaya qoymuruq. Mən sizdən xahiş edirəm, real göstəricilərə istinad edin. Bu gün 1 milyon 300 min pensiyaçımızın 365 min nəfəri yaşı 70-dən yuxarı olanlardır. Niyə bunları nəzərə almırsınız? Bunlar faktiki insanlardır, hər biri pensiya alır. Qanuna təklif olunan dəyişikliklərin hamısı sığorta sisteminin sağlamlaşdırılmasına, ünvanlı sosial yardım sisteminin dövlətin sosial müavinət sistemindən ayrılmasına xidmət edən bir məsələdir. Burada hər hansı bir qənaət sistemindən söhbət getmir.
Xahiş edirəm qanunun fəlsəfəsinə düzgün yanaşaq və buna uyğun fikirlər bildirək. Mən, əlbəttə, əvvəldən bunları daha geniş şəkildə sizə bildirməliydim. Son 10 gün ərzində mən gözlədim ki, deputatlardan kimsə bizə müraciət edəcək, amma çox təəssüf. Mən müxalifət yönümlü deputatları nəzərdə tuturam. İqtidar yönümlü deputatlardan mənə çox müraciətlər olub, adlarını da saya bilərəm. Mən onların hamısına da bu rəqəmləri demişəm. Demişəm ki, buyurun gəlin, bizim baza açıqdır, hər kəsə bu məlumatları verə bilərik. Təbii ki, bu, parol əsasındadır, ancaq bizə məxsusdur, amma biz bunu təqdim edə bilərik. Bunun əsasında fikir söyləmək olar. Ümumilikdə məsələ ona yönəlib ki, sosial sığorta haqqı ödəyən vətəndaşlarımızın ödədiyi sosial sığorta haqları onu almağa hüququ olanlar arasında bölüşdürülməlidir. Əgər belə olarsa, biz pensiyaların daha sürətlə artırılması üçün müəyyən imkanlar əldə edəcəyik. Sosial sığorta sistemi əlavə güzəştlərdən təmizlənməlidir.
Bir şeyi də diqqətinizə çatdırım. Söhbət heç də bu gün bizdən pensiya alan 1 milyon 300 min nəfərdən getmir. Onların artıq hüquqları var və o hüquqlara da heç kəs dəymir. Yəni onlar pensiyaya çıxıblar, öz pensiyalarını alırlar və almaqda da davam edəcəklər. Bu da get-gedə artırılacaqdır. Gələcəkdə sistemə daxil olan şəxslərdən söhbət gedir. Bu şəxslərin sırf sığorta prinsipi əsasında bu sistemə daxil olması Azərbaycan dövlətinin bu gün həyata keçirdiyi siyasətə uyğundur. İki sistem paralel inkişaf etməlidir, kimlərin hüququ varsa, bu sistemə girəcək, kimlərin yoxdursa, o birini alacaq. Mən hətta deyərdim ki, bu dəyişikliklər dövlət büdcəsinin yükünü daha da artıracaq. Çünki buna hüququ olmayanlar sosial yardım və sosial müavinət almalıdırlar, bu da dövlət büdcəsindən birbaşa verilir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Səlim müəllim, məsələ ondan ibarətdir ki, bizim opponentlər dərin təhlillərə, hesabatlara baxmırlar, imkan olanda normal izah olunmamış məsələlərə istinad edərək populist çıxışlar edirlər. Bizim də səhvimiz ondan ibarətdir ki, bu qanun layihəsi Milli Məclisə gəlməmişdən qabaq siz gərək onu qəzetlərdə, televiziyada, – necə ki indi onlar bunun əksini yazırlar, deyirlər, – açıqlayaydınız. Yəni elə etmək lazım idi ki, analiz etmək bacarığı olmayan adamlar bu gün danışmasınlar. Yadınızda saxlayın ki, sosial yönümlü qanun layihələri Milli Məclisə gəlməmişdən qabaq açıqlanmalıdır. Açıqlansaydı, bəlkə başa düşməyənlər də başa düşəcəkdilər. Gələn dəfə, xahiş edirəm, bunu nəzərə alın. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 15.56 dəq.)
Lehinə 104
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir  106
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyurun, Siyavuş Novruzov.
S. Novruzov, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü.
Təşəkkür edirəm, Oqtay müəllim. Bildiyiniz kimi, Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında qanun layihəsi bizim komitədə müzakirə olunub və Milli Məclisin iclasına tövsiyə olunub. Bilirsiniz ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq təşkilatların üzvüdür, həm siyasi təşkilatlarla, həm də hərbi təşkilatlarla əməkdaşlıq edir. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri indiyə qədər bir sıra ikitərəfli müqavilələr əsasında sülhməramlı əməliyyatlarda iştirak edib. Azərbaycanın əhatəsindəki dövlətlərə, regionda gedən iqtisadi, siyasi, hərbi münaqişələrə və digər məsələlərə baxanda bu qanuna böyük ehtiyac var.
Sovet məkanı dağıldıqdan sonra bizi əhatə edən Avropa məkanında 25 yeni müstəqil dövlət yaranıbdır və bu dövlətlərin bir-birinə qarşı ərazi iddiaları, etnik münaqişələr və digər məsələlər gündəmdədir. Bunun nəticəsi olaraq da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və BMT tərəfindən qəbul olunmuş regional təşkilatların mandatı əsasında müvafiq qüvvələr sülhməramlı əməliyyatlarda iştirak edirlər. Gələcəkdə həm regionda, həm də regiondan kənarda baş verəcək hadisələri nəzərə alaraq belə bir məsələnin qanunvericiliklə tənzimlənməsinin tərəfdarıyıq. Buna qədər Azərbaycan Silahlı Qüvvələrinin bölmələri və NATO Silahlı Qüvvələrinin rəhbərliyi altında Türkiyə tağımının tərkibində 1999–2008-ci illərdə 34 nəfərlə Kosovoda, 2003–2008-ci illərdə 150 nəfərlə İraqda və 2002-ci ildən bu günə qədər 90 nəfərlə Əfqanıstanda iştirak edib. Yenə o fikrimə qayıdıram ki, bu qanun layihəsi qəbul olunana qədər bu məsələ ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Qanun qəbul olunduqdan sonra isə bu layihə qanun əsasında həyata keçiriləcəkdir.
 Qanun layihəsi 4 fəsil, 19 maddədən ibarətdir. Burada sülhməramlı əməliyyatlarda iştirakla bağlı bütün anlayışlar və təsnifatlar öz əksini tapıbdır. Qanunun 1-3-cü maddələrində ümumi müddəalardan bəhs edilir. I fəsildə sülhməramlı əməliyyatlarda iştirak haqqında qanunvericilik, onun tətbiq dairəsi, sülhməramlı əməliyyatların növləri, anlayışları verilib. Burada sülhün qorunması, sülhün bərqərar edilməsi üzrə aparılan əməliyyatlar, sülhün bərpasından, münaqişədən sonrakı əməliyyatlar öz əksini tapır. Həmçinin Birləşmiş Millətlər Təşkilatının, onun regional təşkilatlarının sülhməramlı əməliyyatlarının anlayış və təsnifatları I fəsildə öz əksini tapır.
Qanun layihəsinin II fəsli 4-14-cü maddələri əhatə edir. Burada da sülhməramlı əməliyyatların təşkili və aparılması qaydaları, Azərbaycan Respublikasının münaqişələrin qarşısının alınması və aradan qaldırılması üzrə əməliyyatlarda iştirakı, sülhməramlı əməliyyatlarda iştirakın formaları, hərbi və mülki heyətin sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilməsi və geri çağırılması haqqında qərarların qəbul edilməsi qaydası, onların hazırlığı və təminatlarının təşkili, statusu, funksiyaları, sülhməramlı əməliyyatlarda silah tətbiq edilməsinin, tənzimlənməsi məsələləri öz əksini tapır.
12-ci maddədə sülhməramlı əməliyyatlarda iştirak edən hərbi və mülki heyətin funksiyaları verilib. Bu funksiyalara onların münaqişə regionlarında yerləşməsi, strateji əhəmiyyətli obyektlərin, tikililərin mühafizəsi, əsirlərin dəyişdirilməsi, qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, daimi yerlərinə qaytarılması ilə bağlı qanunvericilik hazırlanması, sazişlərin həyata keçirilməsi və digər məsələlər daxildir.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Əvvəlki ikitərəfli müqavilələrdən fərqli olaraq II fəsildə bizim orada iştirak edəcək sülhməramlı qüvvələrin sosial təminatı məsələləri də geniş yer alıb. Burada onların sığorta məsələləri, gələcəkdə baş verəcək hər hansı bir hadisə ilə bağlı dövlət büdcəsindən kompensasiyalar alması və başqa təminatlar öz əksini tapır.
III fəsil 15-17-ci maddələri əhatə edilir. Bu fəsildə sülhməramlı əməliyyatların ayrı-ayrı növlərinin xüsusiyyətlərindən bəhs edir. Burada Azərbaycan Respublikası Milli Məclisinin sülhməramlı əməliyyatlarda iştirakla əlaqədar qəbul etdiyi qərar və qaydalar öz əksini tapır. İndiyə qədər bu sülhməramlıların göndərilməsi məsələsi aidiyyəti icra hakimiyyəti tərəfindən təqdim olunurdu və Milli Məclis tərəfindən ratifikasiya edilirdi. İndi bu hər iki dövlətdə qarşılıqlı şəkildə ratifikasiya olunacaqdır. Təkcə say deyil, qoşunun növləri, onların yerləşdirilməsi, hansı obyektlərin mühafizəsində iştirak etməsi, silahların növləri də Milli Məclisə təqdim olunacaqdır.
VI fəsildə isə sülhməramlı əməliyyatların təşkili üzrə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilən məsələlərə aydınlıq gətirilir. Müvafiq icra hakimiyyəti orqanı Milli Məclisə bizim sülhməramlı qüvvələrin vəziyyəti haqqında illik məruzə təqdim edir. Əvvəllər bu yox idi.
Qanun layihəsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları, Fövqəladə Hallar Nazirliyi, Hərbi Prokurorluq, Maliyyə Nazirliyi və digər dövlət strukturlarından xüsusi rəylər təqdim olunubdur. Bu qanun layihəsi təqdirəlayiq hesab olunub. Qanun layihəsində beynəlxalq təşkilatların, o cümlədən ayrı-ayrı dövlətlərin təcrübəsindən istifadə olunub. MDB Parlament Assambleyasının qəbul etdiyi model qanunlardan da istifadə olunub. Rusiya, Ukrayna və Qazaxıstanda artıq bu qanun fəaliyyət göstərir və biz də onların təcrübəsindən bəhrələnmişik.
Qanun layihəsi komitədə müzakirə olunub və yekdilliklə sizin müzakirənizə təqdim olunur. Deputat həmkarlarımızdan xahiş edirik ki, qanunun daha təkmil, daha yaxşı, daha əhatəli olması üçün öz təkliflərini versinlər. Birinci oxunuşdur, qanun layihəsinə konseptual baxımdan qiymət verəcəyik. İkinci oxunuşda qanuna maddə-maddə əlavə və təkliflər verilə bilər. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
Birinci müavini Z. Əsgərov sədrlik edir

Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim, təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlamazdan əvvəl bir təklif irəli sürmək istəyirəm. Əgər etiraz etmirsinizsə, çıxışları 5 dəqiqə edək. Birinci oxunuşdur, həm də bu gün fasiləsiz işlədik, sizi çox yormayaq. 5 dəqiqəyə etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fuad Muradov, buyurun.
F. Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, öncə qanun layihəsini hazırlayanlara və bu gün burada təqdim edənlərə təşəkkürümü bildirirəm. Uzun müddətdir ki, biz sülhməramlılar haqqında eşidirik, danışırıq və Azərbaycan da BMT-nin mandatına uyğun olaraq bu prosesdə yaxından iştirak edir. Qanun layihəsinin birinci oxunuşudur, ona görə bir neçə məqama toxunmaq istəyirəm. Biz ikinci və üçüncü oxunuşlarda da təkliflərimizi verəcəyik. Azərbaycan sülhməramlılarının prosesdə iştirakı bizim üçün geniş imkanlar yaradır, çünki NATO standartlarında təlimlərin keçirilməsi və sülhü qoruyan qoşunların həm təchizatı, həm də təcrübəsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan bu gün çox güclü ordu quruculuğu işi aparır. Həmin sülhməramlılar qayıdandan sonra öz təcrübələrini və öz bacarıqlarını bizim milli ordu ilə bölüşərlər. Bu qanun da kömək edəcək ki, onlar ordu quruculuğunda daha fəal iştirak etsinlər.
Biz özümüz bu təcrübədən çox istifadə edirik. Misal üçün, bizim layihəmiz var idi. Ölkəyə qayıdan sülhməramlı hissələrin zabitləri ilə gənclərin görüşləri keçirildi. Həqiqətən də, həm ordumuzun beynəlxalq sistemə uyğunlaşdırılması, həm də dünyada gedən ordu quruculuğu ilə bağlı prosesin gənclərimizə aşılanması vacib bir məsələdir. Bu qanun layihəsində də bu məqamlar var. Burada göstərilib ki, onlar qayıdandan sonra bu təcrübədən istifadə etməli, gənclərlə tez-tez görüşməlidirlər. Biz çalışmalıyıq ki, orta məktəblərdə də bu təcrübədən istifadə edək. Sülhməramlıların fəaliyyəti daha çox sülhün qorunması, daha çox insan faktorunun önə çəkilməsi ilə əlamətdardır. Azərbaycan müharibə şəraitində olan bir ölkədir, bizim üçün yeni təcrübə çox vacibdir. Biz çox şadıq ki, Azərbaycan ordusunun bu istiqamətdə böyük uğurları var.
Növbəti deyəcəyim məsələ sosial təminatla bağlıdır. Bu, ordu quruculuğu prosesində ən öndə duran bir məsələdir. Qanunda bu öz əksini tapıb. Biz inanırıq ki, qanunun tətbiqində də bu məsələlər nəzərə alınacaq. Çünki sülhməramlılarımızın, ümumiyyətlə, əsgərlərimizin sosial imtiyazları gənclərin həm orduya, həm də sülhməramlı qüvvələrə inamını artırar.
Bir neçə təklifimiz də var, biz onları yazılı surətdə təqdim edəcəyik. Hesab edirəm ki, ən əsas məsələlərdən biri gələcəkdə sülhməramlıların təcrübəsindən geniş şəkildə istifadə olunmasıdır. Yəni xidmət vaxtı bitirdikdən sonra da biz onları bu işlərə, xüsusi olaraq da təbliğat işlərinə cəlb etməliyik. Müharibə şəraitində olan ölkəyik, onların təcrübəsindən daim istifadə etməliyik. Yəni elə etməliyik ki, o insanların sülhməramlı fəaliyyət zamanı əldə etdikləri təcrübə və bacarıqlardan Azərbaycanda geniş şəkildə istifadə edə bilək. Bunun üçün də yəqin ki, biz qanunvericilik təşəbbüsü subyekti ilə danışacağıq ki, hansı addımları atmaq olar. Avropada və Amerika Birləşmiş Ştatlarında bu sxem artıq qurulub. Yəni orada sülhməramlılar qayıdandan sonra mütləq şəkildə keçdiyi təlimlər...
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən hörmətli deputat həmkarlarımın da fikrini nəzərə alıb danışıram. Bu, doğrudan da, çox vacib, yaxşı qanundur. Özü də hörmətli həmkarımız Siyavuş müəllim onu yüksək səviyyədə təqdim etdi.
Qanunun mahiyyəti, ümumi konsepsiyası hamımıza aydındır. Gəlin, nəzərə alaq ki, biz bu gün 5 saat işləmişik. Hamımız xahiş edirik ki, qanun layihəsini birinci oxunuşda səsə qoyaq, ikinci oxunuşda geniş, maddə-maddə müzakirə edərik. Xahiş edirəm, səsə qoyaq.
Sədrlik edən. Sağ olun. Onda gərək mən məsləhətləşim. Təkid edən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, hörmətli həmkarım Valeh müəllim danışsın, sonra qanun layihəsini səsə qoyaq. Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Çox sağ olun. Mən də qanun layihəsini dəstəkləyirəm, onu qəbul etmək lazımdır. Yerində, zamanında hazırlanmış çox gözəl bir qanun layihəsidir. Mən bir-iki kəlmə söz deyəcəyəm, çox xahiş edirəm, ona diqqətlə yanaşasınız. Bundan öncəki müzakirə növbəti dəfə bir şeyi təsdiq etdi ki, biz müzakirə edilən məsələnin mahiyyətini bir kənara qoyub bu məsələnin ətrafında bir siyasi xal qazanmaq istəyirik. Fikir vermisinizsə, hər dəfə mən çıxış edirəm, bu məsələyə toxunuram. Bu məni çox narahat edir. Məsələnin mahiyyəti qaldı qıraqda, təhqirlər, tənqidlər və yersiz, mənasız, heç bir əhəmiyyəti olmayan sözlər eşitdik.
Yadımdadır, mən burada neft sazişlərini təqdim edən zaman hər dəfə belə çıxışları eşidəndə deyirdim ki, qurban olum sizə, heç olmasa, bir dəfə 1 həftə, 10 gün qabaq gəlin, oturaq, söhbət edək, məsələni izah edək. Bilmədiyini, başa düşmədiyini sonra soruşarsan. Səlim müəllim bu gün deyir ki, 10 gündür gözləyirəm ki, bəlkə kim isə gələr. Doğrudan da, ürəyi ağrıyanlar, sualı olanlar, nəyi isə başa düşməyənlər, anlamayanlar var idisə, gəlib soruşub, məsləhətləşib sonra çıxış etsəydilər, mən bununla razılaşardım. Bu onu göstərir ki, biz dərindən məsələnin mahiyyətinə varmadan Milli Məclisin iclaslarından başqa məqsədlər üçün istifadə edirik. Bu da deputat olaraq bizə yaraşmaz.
Əli müəllimə bir təklifim var. “Məhkəmələr və hakimlər” haqqında qanunla bağlı dedi ki, tədris müəssisələri fəaliyyət göstərəcək. Bəlkə bizdə də belə bir şey açaq. Tətil dövründə həftədə bir dəfə özümüz üçün də belə bir icbari tədris, nə bilim, nəyin isə artırılmasını təşkil edək. Sizdən çox üzr istəyirəm, ayıbdır. Biz Milli Məclisdə milləti təmsil edirik. Üzr istəyirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  95
Nəticə: qəbul edildi

 Yekdilliklə qəbul edildi, sağ olun. Növbəti iclasa qədər.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi