2009-ci il 11 noyabr tarixli iclasın stenoqramı

MİLLİ  MƏCLİSİN  İCLASI

11  noyabr  2009-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.13 dəq.)
İştirak edir 105
Yetərsay 83

Çox sağ olun, yetərsay var. Müzakirələrimizi davam etdirə bilərik. Fəzail Ağamalı.
F. Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, media təmsilçiləri! İlk növbədə qeyd etmək istərdim ki, müzakirəmizə təqdim edilən büdcə toplusu kifayət qədər yüksək səviyyədə hazırlanmışdır. Bütün detallar nəzərə alınmaqla, 2009-cu ilin yekunları, habelə 2010-cu ilin büdcə proqnozları peşəkar səviyyədə burada öz ifadəsini tapmışdır.
Əlbəttə, hər birimizə aydındır ki, keçən il bütün dünyanı bürüyən, hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatını, bank və maliyyə sistemini çökdürən maliyyə böhranının və onun ağır nəticələrinin Azərbaycanda təsiri minimum səviyyədə olmuşdur. Yaxşı haldır ki, 2009-cu ildə Azərbaycanın bank sistemi müəyyən mənada həmin kataklizmlərdən özünü sığortalaya bildi. Eyni zamanda, Azərbaycanda pul-kredit sisteminin düzgün aparılması, manatın məzənnəsinin aşağı düşməməsi, dəyərinin saxlanılması sübut etdi ki, maliyyə-kredit siyasəti bütün reallıqları nəzərə alaraq özünün müsbət nəticələrini göstərir.
Digər tərəfdən sənədlərlə tanışlıq həm də belə bir ciddi məqamı ortaya qoyur ki, dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatı, o cümlədən sənaye və aqrar sahələr geriləməyə başladığı halda, kütləvi işsizlik problemi meydana gəldiyi bir zamanda bizim respublikada, əksinə olaraq, iri layihələr həyata keçirilmiş, yol-nəqliyyat tikintisi müvəffəqiyyətlə davam etdirilmiş, infrastruktur layihələrin reallaşması yolunda hər hansı bir ciddi çətinliklər olmamışdır. Eyni zamanda, Azərbaycanda sənaye və sosial obyektlərin tikintisi, bərpası və təhvil verilməsi ənənəsi davam etmişdir.
Bütün bunlar göstərir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət fundamental əsaslara malikdir. Həmçinin Azərbaycan ən çətin məqamlarda iqtisadi böhranlardan özünü sığortalamaq imkanlarına malikdir. Məncə, bu, ilk növbədə, ölkədə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqinə söykənir. Əlbəttə, bu, ilk olaraq, 2009-cu ildə həyata keçirilən sosial-iqtisadi siyasətə mənim verdiyim lakonik qiymətdir. Ümidvaram ki, bu inkişaf tendensiyası 2010-cu ildə də davam etdiriləcəkdir.
Burada bizim hörmətli nazirlərin çıxışları, eyni zamanda, Hesablama Palatasının sədri hörmətli Heydər Əsədovun ümumiləşdirməsi, əlbəttə, bizə belə bir nəticə çıxarmağa imkan verir ki, 2010-cu ildə Azərbaycanda sosial-iqtisadi sahələrdə xoşagəlməz meyillər, ciddi kataklizmlər olmayacaq. Əlbəttə, bu, hər şeydən əvvəl qeyri-müəyyən bir vəziyyətdə, heç kəsin proqnozlaşdıra bilmədiyi bir məqamda ehtiyatı əldən vermədən Azərbaycanda bir büdcə paketinin hazırlanması ilə müəyyən olunur.
Bu gün neftin qiymətinin dünya bazarında müəyyən dərəcədə artmasına baxmayaraq, büdcə layihəsində neftin qiymətinin aşağı götürülməsi bir daha sübut edir ki, Azərbaycanın digər daxili imkanları hesabına, yəni qeyri-neft sektorundan əldə olunan gəlirlər, yığılan vergilər, rüsumlar Azərbaycan büdcəsini lazımi səviyyədə doldurmağa, onu formalaşdırmağa imkan verir. Əlbəttə, neftin qiyməti bu şəkildə qalarsa, yaxud artarsa, bu amil gələcəkdə Milli Məclisdə büdcə məsələlərinə bir daha baxmağa, dəqiqləşmələr aparmağa, artırmalar həyata keçirməyə imkan verə bilər. Bunu bizim əlimizdən heç kim almır. Düşünürəm ki, bu cür yanaşmanın özü kifayət qədər elmlidir, məntiqidir və müsbət nəticələrini verəcəkdir.
Cənab Sədr, bunlarla yanaşı, bir sıra məsələlərlə bağlı konkret təkliflərim də var. İlk növbədə, bildiyimiz kimi, bu gün Azərbaycan müharibə şəraitindədir. Ermənistanın Azərbaycana işğalçı siyasətinin hələ nə qədər davam edəcəyini bilmək bizim üçün, əlbəttə, çətindir. Yəni Ermənistanın bugünkü siyasəti danışıqların sülh yolu ilə həll olunmasında çox ciddi problemlər yaradır, bədbin notları bizim önümüzə qoyur. Məncə, belə olan şəraitdə indiki büdcədə müdafiə sənayesinə, müdafiə sisteminə ayrılan vəsait kifayət qədər azdır. Əlbəttə, çox istərdim ki, həmin vəsait daha da artırılsın və bunun üçün ehtiyat mənbələr mövcuddur.
Bir faktı da demək istəyirəm. Bir sıra səhmdar cəmiyyətlər var ki, onların paketi dövlətin əlindədir. Faktiki olaraq, həmin cəmiyyətlərin əksəriyyəti heç bir işlə məşğul olmur. Mən onların təsnifatını aparmaq istəmirəm, lakin çox hörmətli maliyyə naziri, digər hökumət üzvləri bunun təsnifatını apara bilərlər. Sadəcə olaraq, onlar heç bir işlə məşğul olmurlar, bir-birini təkrar edirlər və sair. Dünən burada Nazim Məmmədov da həmin məsələni başqa bir formada dedi. Məhz onların özünü maliyyələşdirməyə keçməsi və qənaət olunan vəsaiti Müdafiə Nazirliyinin problemlərinin həllinə yönəltmək mümkündür.
Mən bir faktı misal gətirmək istədim. Mənə elə gəlir ki, bu cür ehtiyat mənbələri kifayət qədərdir. Bildiyimiz kimi, Azərbaycanın xaricdə imicinin formalaşmasında, nüfuzunun artmasında, beynəlxalq nüfuzunun güclənməsində, habelə Ermənistana qarşı diplomatik mübarizədə Xarici İşlər Nazirliyinin və onun diplomatik korpusunun müstəsna xidmətləri var. Lakin çox təəssüf edirəm ki, həmin quruma ayrılmış maliyyə vəsaiti yetərincə deyil. Diplomatik korpusların maliyyələşməsinə cəmi 51 milyona yaxın vəsait ayrılıb. Gəlin etiraf eləyək ki, elə səfirliklər var, orada 3–5 nəfərdən ibarət bir diplomatik korpus formalaşıb və onun bəziləri də texniki işçilərdir. Həmin şəxslərin maliyyə imkanı yoxdur ki, onların üzərlərinə qoyulmuş vəzifəni çalışdıqları ölkədə həyata keçirə bilsinlər. Mənə elə gəlir ki, hörmətli hökumət üzvləri bu məsələ üzərində də düşünməlidir və diplomatik korpusun formalaşması üçün əlavə vəsait tapmalıdırlar.
Düşünürəm ki, İctimai televiziyaya verilən 800 milyon manat vəsait kifayət deyil. Bunun da üzərində düşünmək lazımdır. Hər halda İctimai televiziya özünü doğrultdu. Bu gün Azərbaycanın teleməkanında kifayət qədər nüfuza malik olan bu qurumun maliyyə imkanlarının artırılması, düşünürəm ki, bizim bütün maraqlarımıza uyğundur.
Elmə çox az vəsait ayrılıb. Bu vəsaitlə heç nə etmək mümkün deyil. Ona görə də düşünürəm ki, elmlə təhsilin birləşməsi, elmi potensialın təhsilə, təhsilin maddi imkanlarının elmə yönəldilməsi səmərəli nəticə verər. Vaxtım çox azdır.
Səhiyyə ilə bağlı məsələlərin də üzərində dayanmaq istərdim. Bu gün səhiyyə sistemində böyük modernləşmə aparılır. Rayonlarda qurulmuş ən müasir avadanlıqları hərəkətə gətirə biləcək kadr potensialı yoxdur. Bu haqda da fikirləşmək və onları hərəkətə gətirə biləcək kadr korpusunu formalaşdırmaq lazımdır. Bir də rayonlarla bağlı demək istəyirəm ki, Salyan və Neftçala rayonlarının da qazlaşmasına ciddi ehtiyac var.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən də büdcə ilə bağlı çıxışlara, o cümlədən təqdimetmələrə diqqətlə qulaq asdım. Əvvəlki illərdə olduğu kimi, yenə də 2010-cu il üçün nəzərdə tutulan büdcənin 50 faizə yaxınını neftdən gələn gəlir və ya birbaşa neftdən transferlər təşkil etdiyinə görə təəssüf hissimi bildirirəm. Bəlkə də ilk illərdə, yəni beynəlxalq neft kontraktlarının bağlanıldığı illərdə Azərbaycan büdcəsinin böyük əksəriyyətini neftin təşkil etməsi, neftdən gələn gəlirdən və ya Dövlət Neft Fondundan transferlərin təşkil etməsi təbii hal ola bilərdi. Çünki büdcənin hesabatında, hökumətin hesabatında və ya büdcə təqdim olunarkən qeyd olunur ki, qeyri-neft sektoruna yönələn vəsait bu qədər artdı, yaxud qeyri-neft sektorunda vəsaitlər bu qədər çoxaldıldı və ya Azərbaycanda kreditlərin verilməsinə, özəl sektorun inkişafına bu qədər yardım edildi.
Rəqəmlərə diqqət edilsə, 2007-ci ildə Dövlət Neft Fondundan transfer 9 faiz, 2008-ci ildə 24 faiz, 2009-cu ildə 42 faiz təşkil edib. Bu il isə az qala 50 faiz olub. Bu da o deməkdir ki, büdcənin yarısı Dövlət Neft Fondundan transferdir. Görəsən, bu qədər transferlərin qarşılığında özəl sektora, qeyri-neft sektoruna yönəldilən vəsaitlərdən artıq keçən beş il ərzində gəlirlər gəlmirmi, yaxud bu sahə üzrə artım olmurmu? Büdcəyə diqqət etsək, görərik ki, 2009-cu ilin büdcəsinə nisbətən 2010-cu ilin büdcəsinin payı da azalıb. Bəzən hökumət üzvləri pafosla qeyd edirlər ki, Azərbaycandan iqtisadi böhran yan keçdi, biz iqtisadi böhranın nəticələrini görmədik, iqtisadi böhranın nəticələri ciddi şəkildə görünür.
Fiziki və hüquqi şəxslərdən gələn vergilərin azalması, habelə büdcənin formalaşmasında Dövlət Neft Fondundan transferlərin miqdarının artması göstərir ki, ölkə təksektorlu inkişaf mərhələsi yolunda sürətlə irəliləyir. Fərqli sahələrdə ciddi irəliləmələr yoxdur. Təbii ki, infrastrukturların yaradılmasına, infrastrukturların formalaşmasına ciddi vəsait ayrılması bəyan olunur. Amma çox təəssüf edirəm ki, bu infrastrukturlara ayrılan vəsaitlərin özü də bəzən məqsədyönlü şəkildə ayrılmır.
Məsələn, hələ turizmin inkişaf etmədiyi dövrdə dəfələrlə etiraz eləmişdim. Azərbaycanda turizmlə bağlı beynəlxalq aləmdə ciddi nəticələr, ciddi təqdimat olmadığı bir dövrdə Azərbaycanın turizm bölgələri hesab olunan rayonlarına xeyli vəsait qoyulur. Mahiyyət etibarilə həmin vəsait yeni iş yerlərinin açılmasına qoyulsaydı, bu gün dövlət büdcəsini formalaşdırarkən Dövlət Neft Fondundan transferin miqdarı bu qədər artmazdı. Əskinə, yeni iş yerlərinin açılması nəticəsində buradan daxil olan gəlirlər kifayət qədər artardı.
Regional layihələrin genişləndirilməsi və regionların inkişafı ilə bağlı çıxışlarda hökumət nümayəndələri ciddi rəqəmlər səsləndirdilər. Sual olunur, əgər regionlar, doğrudan da, bu qədər geniş inkişaf edirsə, deyilən rəqəmlər reallığı əks etdirirsə, niyə dotasiyaların miqdarını hər dəfə artırırsınız? Bu gün Azərbaycanın rayonlarının heç biri müsbət saldo ilə işləmir. Hətta ən səmərəli rayonlardan biri Abşerondur. Orada qismən müsbətə yaxın nəticə əldə olunub. Qalan rayonların hamısında ildən-ilə dotasiya artır. Niyə? Rayonlarda əgər bu qədər inkişaf gedirsə, yeni iş yerləri açılırsa, infrastrukturlar formalaşdırılırsa, əhalinin işlə təmin olunması prosesi sürətləndirilirsə, belə olduqda rayonun mərkəzdən asılılığı gündən-günə azalmalı idi. Niyə bunlar gündən-günə artır?
Mahiyyət etibarilə bu sualı verməyə ehtiyac yoxdur. Əgər Dövlət Neft Fondundan transferin miqdarı artırsa, 50 faizə yaxınlaşırsa, büdcənin yükünün 50 faizini çəkirsə, bu artıq göstərir ki, deyilən inkişafın heç biri mahiyyət etibarilə doğru deyil.
Burada müxtəlif statistikalar üzrə gəlirlərin artmasından tutmuş vəsaitin ayrılmasına qədər yeni rəqəmlər səslənir. Hüquq mühafizə orqanları və dövlət sektorunun müəyyən sahələri istisna olmaqla, 2010-cu ilin vergisində artım müşahidə olunmur. Azərbaycanda hüquq mühafizə orqanlarının saxlanılmasına büdcədən əlavə vəsait ayrılır. Qalanlar isə olduğu kimi saxlanılıb, ya azalıb. Niyə? Niyə hüquq mühafizə orqanlarının vəsaiti genişlənir? Tutaq ki, başqaları 0,5 faiz, yaxud da olduğu kimi saxlanılır? Bu, mahiyyət etibarilə göstərir ki, idarəetmə hansı formada həyata keçirilir.
Mən hesab edirəm ki, elmə, təhsilə, səhiyyəyə, başqa sahələrə ayrılan vəsaitlər, sadəcə, orada çalışan insanların, bir qrup insanın həyat şəraitini qismən təmin etməkdən ötrüdür. Burada yazırlar ki, orta aylıq əmək haqqı 254 manatdan 258 manata qədərdir. Amma bunun özü də statistik rəqəm olaraq doğru hesablama deyil. Bu gün ayrı-ayrı kateqoriyadan olan insanlar var ki, onların əmək haqqı 154 manatdan yuxarı qalxmır. Məsələn, orta məktəb müəllimlərinin, səhiyyə işçilərinin əmək haqları həmin həddən yuxarı qalxmır. Bu hansı formada hesablanır, necə hesablanır?
Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı, kənd təsərrüfatı məhsullarının artması ilə bağlı ciddi rəqəmlər göstərilir. Bu qədər ət məhsulları istehsal olunur. Necə istehsal olunur? Kim hesabladı? Necə hesabladı? Bu hesablamanın qaydasını mən də bilirəm. Tutaq ki, əhalinin ümumi sayı 8 milyon 900 min nəfər götürülür. İstehsal zənbilində ona düşən pay hesablanır və bazarın nisbəti hesablanır. Mahiyyət etibarilə ortaya çıxarılır ki, bu qədər ət istehsal olunub. Amma heç fikirləşirsinizmi ki, minimum istehlak zənbilinə düşən ət payından əhali istifadə edə bilirmi, alıb yeyə bilirmi? O, ət məhsulları ilə, həmçinin digər məhsullarla hansı formada təmin olunur? Bütün bunların hamısı, təbii ki, quru rəqəmlərdir. İnsan dolanışığını gerçəklikdə əks etdirən rəqəmlər deyil.
Yeyinti sənayesində inkişafla bağlı, kreditlərin verilməsi ilə bağlı problemləri bir dəfə mən burada qeyd etmişdim. Tutaq ki, İqtisadi İnkişaf Nazirliyi kreditlər ayırır. Kreditlər əhalinin müəyyən təbəqəsinin özəl sektorunu inkişaf etdirmək üçün ayrılsın. Amma bunların heç biri səmərəli kreditlər deyil, yaxud miqdarı olduqca azdır. Ümumiyyətlə, onlar həmin kreditlə heç nə eləyə bilmirlər, yalnız cüzi xərcləri ödəyirlər. Nə yeni iş yerlərinin açılması, nə müəssisələrin genişləndirilməsi, nə də onun rentabelliyi təmin olunur. Sadəcə, ayaqda qalmaq üçün 5–3 manat əlavə vəsait xərcləyir, yaxud xərcləmir.
Bu sahədə kifayət qədər ciddi problemlər var. Hesab edirəm ki, həmin kreditləri mahiyyət etibarilə regionlar üzrə elə bölmək mümkündür ki, orada, sözün həqiqi mənasında, Azərbaycanın daxili bazarını təmin edə biləcək kifayət qədər ciddi sahibkarlıq strukturları yaradılsın. Təəssüf olsun ki, bütün bunların da heç biri nəzərə alınmayıb. 2010-cu ilin dövlət büdcəsində də 2009-cu ilin köhnə iqtisadi siyasəti yenə önə çəkilib. Sadəcə, biznes strukturunda olan bir qrup orta sahibkarı saxlamaq üçün cüzi kreditlər ayrılır. Bununla da Azərbaycan iqtisadiyyatına ciddi töhfə vermək mümkün deyil.
Daxili bazarı qorumaq üçün, daxili bazarın tələbatını təmin etmək üçün xüsusi dövlət proqramı hazırlanmalı idi. Həmin xüsusi dövlət proqramı da, çox təəssüflər olsun ki, yoxdur və böhran dövründə də olmadı. İndi böhranın sanki adiləşdiyi bir dövrdə də bu proqram hazırlanmır. Mən keçən il hökumətin hesabatında da, büdcə qəbul olunanda da bunları demişdim. Doğrudan da, bu gün həmin iqtisadi böhranın Azərbaycandan yan keçməsi üçün, problemlərdən çıxış yolu üçün hökumət öz daxilində islahatlar aparmağı bacarmalı idi.
Hörmətli hökumət üzvləri Almaniyanın idarəetmə mexanizminə, orada hansı komitələrin olduğuna baxsınlar, sonra Azərbaycana nəzər salsınlar. Bu qədər pərakəndəlik, bu qədər dağınıqlıq, bu qədər boş-boşuna strukturları saxlamaq heç kimə lazım deyil və əlavə xərclər tələb edir. Onların hamısını mərkəzləşdirilmiş qaydada Nazirlər Kabinetinin tərkibində saxlamaq mümkündür. Bu da həm büdcəyə qənaət edər, həm də işin əhəmiyyətini artırar.
Mən hesab edirəm ki, bu büdcə Azərbaycanın gələcəyini, Azərbaycanın inkişaf tempini göstərən büdcə yox, sadəcə olaraq, prosesləri və iqtisadi siyasəti bu və ya digər şəkildə qorumağa hesablanmış büdcədir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Amma İqbal Ağazadə, dediklərinizin cavabı olacaq. Belə ki, minimum əmək haqqının orta hesablanmasını aparmaq asan məsələdir. Yəni orada səhv eləmək mümkün deyil. Lazım olsa, hesabatı göstərərlər. Əli Əhmədov buyursun.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Milli Məclis, hörmətli hökumət üzvləri! Mən çıxışıma bir az qeyri-adi tezislə başlamaq istəyirəm. Yəqin ki, böhran haqqında müsbət söz söyləmək bir az qəribə səslənər. Amma elə məqamlar var ki, böhran haqqında da müsbət söz söyləməyə ehtiyac yaranır və bunu etmək lazımdır. Əlbəttə, dünyanın əksər ölkələrini bürüyən, lərzəyə salan, sarsıntılar yaradan maliyyə və iqtisadi böhran həm də bu ölkələrin milli iqtisadiyyatlarının həqiqi qiymətini verdi. O iqtisadiyyatlar ki sarsıntıya düçar oldular, o iqtisadiyyatlar ki geriləmələrə məruz qaldılar, bu, həmin böhranın verdiyi bir qiymətdir. Çox az sayda ölkələrin iqtisadiyyatı bu böhranın sınağından az itkilərlə çıxdı. Bu ölkələrdən biri də Azərbaycan və onun gənc milli iqtisadiyyatıdır.
Mən belə hesab edirəm ki, bu kontekstdən yanaşanda böhran qədər də milli iqtisadiyyatların həqiqi qiymətini verən və onun dəyərini verən ikinci bir vasitəni düşünmək və ortaya qoymaq mümkün deyil. Böhran nəticəsində bir çox ölkələrin iqtisadiyyatı sarsıntıya düçar olsa da, dediyim kimi, Azərbaycanın iqtisadiyyatı bundan az itkilərlə çıxdı. Bütün bunların fonunda Azərbaycanın müxalifət təmsilçilərinin Azərbaycanın iqtisadiyyatını, Azərbaycanın iqtisadi sistemini, Prezidentin rəhbərliyi altında həyata keçirilən və Azərbaycan iqtisadiyyatının əsasında dayanan siyasəti arqumentsiz tənqid etmələri kimi mənasız bir məşğuliyyəti təsəvvür etmək qeyri-mümkündür.
Dünyanı sınağa çəkən böhran Azərbaycan iqtisadiyyatına öz qiymətini verdi və mən belə hesab edirəm ki, bu, Azərbaycan iqtisadiyyatının və həyata keçirilən sosial-siyasi siyasətin ən düzgün, ən obyektiv cavabıdır. Azərbaycan hökuməti həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanda sosial sarsıntıların baş verməsinə imkan vermədi, eyni zamanda, Azərbaycan əhalisinin kasıblamasına imkan verilmədi, Azərbaycanda işsizliyin yaranmasına yol verilmədi.
Böhranın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaqdan ötrü seçilən yollar da, mən hesab edirəm ki, özünün unikallığı ilə fərqlənir. Böhranın Azərbaycan iqtisadiyyatına təsirini azaltmaqdan ötrü daxili və xarici borcu artırmaq kimi bir yol seçilmədi, pul çap eləmək kimi bir yolun seçilmədiyini isə xüsusilə qeyd eləmək lazımdır. Milli valyutanın məzənnəsinin aşağı düşməsinə və yaxud aşağı salınmasına imkan verilmədi. Bəziləri buna müxtəlif cəhətdən qiymət verir, müxtəlif kontekstdən yanaşırlar. Azərbaycan dünyanı bürüyən maliyyə və iqtisadi böhranın təsirlərinə o qədər də məruz qalmadı. Bunun nəticəsində də biz deyirik ki, Azərbaycan bu böhranı öz üzərində o qədər də ciddi hiss eləmədi. Əlbəttə, dünyanı bürümüş böhranın nəticələri də var və bunlardan da dərslər götürülməlidir.
Təbii neft böyük sərvətdir. Eyni zamanda, bu böhran nəticəsində məlum oldu ki, nə qədər böyük sərvət olsa da, neftə o qədər də etibar eləmək olmaz. Eyni zamanda, böhranın üzə çıxardığı ciddi nəticələr Azərbaycan iqtisadiyyatında struktur dəyişikliklərinin aparılmasının çox ciddi ehtiyac olduğunu ortaya qoydu. Hesab edirəm ki, bunu da xüsusi qeyd eləmək lazımdır.
Ən başlıca reallıq, ən başlıca həqiqət isə ondan ibarətdir ki, bu böhran həm də Prezidentin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin, xüsusilə də neft gəlirlərinin və vəsaitlərinin xərclənməsi üçün seçilmiş taktikanın yeganə, düzgün və alternativsiz olduğunu ortaya çıxardı. Əgər bu yol seçilməsə idi, əgər neft vəsaitlərindən vaxtilə bəzilərinin dediyi kimi, bütövlükdə gündəlik tələbatların ödənilməsi üçün xərclənilməsi yolu seçilsə idi, böhran şəraitində Azərbaycanın həm iqtisadiyyatının inkişafının təmin edilməsi üçün, həm də ölkənin bütün sosial ehtiyaclarının və maliyyə ehtiyaclarının ödənilməsi üçün yeganə və çox təsirli vasitə olan Dövlət Neft Fondunun vəsaitləri olmazdı. Bu gün Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsi üçün neftdən səmərəli vasitə kimi istifadə edilir.
Hər bir büdcə iki başlıca funksiyanı yerinə yetirir. Bunun birincisi ölkənin maliyyəyə olan ehtiyaclarının ödənilməsi ilə bağlıdır. Bu, büdcənin sosial yönümlü olmasında öz əksini tapır. İkinci bir yol, yəni ikinci missiya isə büdcənin ölkənin sosial və iqtisadi inkişafını stimullaşdırmasıdır. Bu da büdcənin investisiya yönümündə özünün ifadəsini tapır. Mən belə hesab edirəm ki, 2010-cu ilin büdcəsi həm birinci funksiyanın yerinə yetirilməsi, həm də ikinci funksiyanın yerinə yetirilməsi baxımından kifayət qədər əsaslı şəkildə hazırlanıbdır. Prezidentimizin qeyd elədiyi kimi, bu büdcə sosial yönümlü bir büdcədir və ölkənin sosial ehtiyaclarının ödənilməsi bundan əvvəlki böhransız ildə necə olubsa, eləcə də saxlanılıbdır. İkincisi, bütün imkanlar çərçivəsində büdcənin investisiya yönümlü olması da təmin edilibdir.
Bütün bunların əsasında qeyd eləmək mümkündür ki, bu dövlət büdcəsi Azərbaycanın 2010-cu ildə sosial və iqtisadi inkişafının təmin edilməsi üçün çox ciddi əsas yaradır. Güman edirəm ki, bu istiqamətdə Azərbaycan hökumətinin apardığı işlər 2010-cu ildə də davam etdiriləcəkdir. Bu kontekstdən çıxış edərək mən belə hesab edirəm ki, 2010-cu ilin dövlət büdcəsi bütün parametrləri ilə birlikdə kifayət qədər ciddi şəkildə əsaslanmış maliyyə sənədidir. Məncə, Milli Məclisin əksəriyyətinin rəyi də bu fikir əsasında cərəyan etdiyi üçün əksəriyyətimiz tərəfindən irəli sürülən təkliflər də bundan ibarət olacaqdır.
2010-cu ilin büdcə layihəsi təsdiq olunmaq üçün təklif olunsun. Güman edirəm ki, bu təklifi də Milli Məclisin deputatlarının əksəriyyəti birmənalı şəkildə təsdiqləyəcəklər. Bununla yanaşı, mən bəzi təkliflərimi də irəli sürmək istəyirəm. Güman edirəm ki, bu təkliflərdə hər hansı bir rasional məqamlar olarsa, hökumət üzvləri tərəfindən nəzərə alına bilər. Üstəlik, həmin təkliflərdən biri müxtəlif kontekstdə burada səsləndirilibdir. Bu da regionların dotasiya əsasında işləməsi ilə əlaqədardır.
Mən belə hesab edirəm ki, məndən əvvəlki çıxışda çox ciddi təhriflərə yol verildi. Azərbaycanda regionların dotasiya əsasında fəaliyyət göstərməsi istiqamətində hökumətin gördüyü işlər nəticəsində ildən-ilə rayonların dotasiya əsasında işləməsinin miqyasları azalır. Tutaq ki, əvvəllər 60–70 faiz dotasiya əsasında fəaliyyət göstərirdisə, indi regionlarda bu faiz əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu mənada hesab edirəm ki, reallığı və göstərilən rəqəmləri təhrif etməyə heç bir ehtiyac yoxdur.
Bununla yanaşı, mən belə hesab edirəm ki, bundan sonra da bu istiqamətdə hökumətin səylərinin artırılmasına ehtiyac var. Ona nail olmağa çalışmaq, səy göstərmək lazımdır ki, regionların xərcləri ilə onların gəlirləri arasında bir balans yaransın. Yəni imkan verilməsin ki, az gəlirlə region daha yaxşı yaşamağa nail olsun və beləliklə də, mərkəzi büdcədən vəsait almaq meyilləri güclənsin.
Bununla əlaqədar ikinci bir təklifim ondan ibarətdir ki, hökumətimiz səy göstərməlidir ki, Azərbaycanın inzibati ərazi subyektlərinin bütövlükdə iqtisadi və sosial fəaliyyətinə büdcədən ayrılan vəsait hesabına görülən işlər əsasında yox, hər bir inzibati ərazi subyektinin gəlirlərinin əsasında görülən işlərə uyğun şəkildə qiymət verilsin. Mən hesab edirəm ki, bu olduqca obyektiv bir yanaşma olardı. Əgər xərclərin gəlirlərə nisbəti 50 faizdirsə, bu bir qiymətləndirmə dərəcəsidir və ya xərclərlə gəlirlər arasındakı nisbət 70-80 faizdirsə, hesab edirəm ki, bu da başqa bir dəyərləndirmə kriteriyası olmalıdır.
İkinci təklifim Azərbaycanın təhsili ilə əlaqədardır. Azərbaycan hökuməti təhsilin inkişafına bütövlükdə böyük investisiya qoyur. İndi bütövlükdə qoyulan investisiyaların Azərbaycanın iqtisadi və sosial inkişafına köməyi üzərində də düşünməyə ehtiyac var. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycanın istedadlı gənclərinin xaricdə təhsil alması üçün böyük bir dövlət proqramı hazırlanıb. Həmin proqrama əsasən çoxlu sayda Azərbaycan gəncləri xaricdə təhsil alırlar. Güman edirəm ki, zaman yetişibdir ki, Azərbaycanın xaricdə təhsil alan tələbələrinin Azərbaycanın sosial və iqtisadi inkişafında, iqtisadiyyatın bütün sahələrinin inkişafında istifadə edilməsi ilə əlaqədar bir dövlət proqramı da hazırlansın. Yəni xaricdə təhsil alıb gələn gənclərimizdən Azərbaycanın inkişafı üçün bu proqrama uyğun olaraq ən səmərəli şəkildə istifadə edilsin.
Konkret olaraq, bir təklifi də irəli sürmək istəyirəm. Hesab edirəm ki, bu məsələ Azərbaycan hökuməti tərəfindən həm sosial problem kimi, həm də savab iş kimi yerinə yetirilə bilər. Uşaq evlərində böyüyən gənclər müəyyən yaşa çatdıqdan sonra uşaq evlərini tərk etməyə məcbur olurlar. Əslində, belə çıxır ki, onlar müəyyən yaş həddinə çatandan sonra küçəyə atılır, taleyin hökmünə buraxılırlar. Mən belə hesab edirəm ki, bu məsələnin həlli Azərbaycan hökuməti üçün böyük bir büdcə xərci tələb etməz. 17–18 yaşına çatmış gənclərin gələcək taleyini müəyyənləşdirmək üçün, onların gələcək həyatlarının təmin edilməsi üçün müəyyən vəsait ayrıla bilər. Onlar üçün yataqxana, yaxud hansısa bir formada yaşamaq yeri tikmək mümkündür. Mən hesab edirəm ki, bu bir savab iş olar. Güman edirəm ki, Azərbaycan hökuməti bu işi öz üzərinə götürəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Deyəsən, İlyas İsmayılovun sualı var.
İ. İsmayılov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən çıxışa yazıla bilmədim. Ancaq istəyirəm, bir suala bizim hörmətli maliyyə nazirimiz aydınlıq gətirsin. Mən nəyi nəzərdə tuturam? Biz komitələrin birgə iclasında büdcəni müzakirə edəndə maliyyə nazirinin nümayəndəsinə – büdcə şöbəsinin müdiri Fazil Fərəcova sual verdim ki, daxili məhsul istehsalında kölgə iqtisadiyyatının faizi nə qədərdir? Fazil müəllim bunu tamamilə inkar elədi. Ancaq statistika idarəsinin rəhbəri hesab edir ki, bu göstərici 20 faizdir, yaxud Dünya Bankı hesab edir ki, bu, 40 faizdir. İstərdim ki, Samir müəllim bu məsələyə aydınlıq gətirsin. Varmı? Əgər varsa, neçə faizdir? Sağ olun.
Sədrlik edən. Sevindik Hətəmov.
S. Hətəmov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli hökumət nümayəndələri, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar! Mən bəri başdan müzakirəmizə çıxarılan 2010-cu il dövlət büdcəsi layihəsini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bütövlükdə bu sənəd Azərbaycanın inkişafına, Azərbaycan xalqının rifah halının yüksəlməsinə xidmət edir. Bu ilin büdcəsi, əslində, növbəti ilin büdcəsinin formalaşmasında ən mühüm məqamdır. Bu mənada 2010-cu ilin büdcəsini 2009-cu ilin büdcəsinin məntiqi davamı hesab etmək olar.
Eyni zamanda, 2010-cu ilin dövlət büdcəsini 2011-ci ilin dövlət büdcəsi üçün baza da hesab etmək olar. İstənilən halda bu, Azərbaycanın strategiyasını müəyyənləşdirən ən mühüm bir sənəddir. Burada qlobal maliyyə böhranının mənfi tendensiyaları nəzərə alınmaqla, hökumətin orta və uzunmüddətli layihələri müəyyənləşdirilib. Birmənalı şəkildə demək olar ki, 2008-ci ilin ortalarından başlayaraq, dünyanı cənginə alan böhran digər inkişaf etmiş ölkələrlə, həmçinin MDB ölkələri ilə müqayisədə Azərbaycan iqtisadiyyatına daha az təsir edib. Bu zaman ərzində digər ölkələrlə müqayisədə, 2010-cu ilin dövlət büdcəsi zərfindən də göründüyü kimi, Azərbaycan yüksək makroiqtisadi davamlılıq nümayiş etdirir.
Qısaca, demək olar ki, 2009-cu ildə dünyanı bürüyən maliyyə böhranının, habelə inkişaf etmiş ölkələrdə yaşanan iqtisadi çətinliklərə baxmayaraq, bu dövr ölkəmizin iqtisadiyyatının artımı kimi səciyyələndirilir. Artıq beynəlxalq maliyyə qurumları 2010-cu ildə də maliyyə böhranının ayrı-ayrı ölkələrin iqtisadiyyatına yenə də təsirsiz ötüşməyəcəyini bəyan ediblər. Buna baxmayaraq, mütəxəssislər 2010-cu ilin dövlət büdcəsi üzrə proqnozları tərtib edəndə bu kimi halları nəzərə alıblar. 2010-cu ilin dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 35,4 faizi həcmində, yaxud 2009-cu ilin gözlənilən icrasına nisbətən 2,8 faiz çox nəzərdə tutulub. Qeyd etməliyəm ki, gələn il dövlət büdcəsində sosial yönümlü xərclərin çəkisi 34,4 faiz olmaqla, 3 milyard 877,6 milyon manat proqnozlaşdırılıb. Ümumiyyətlə, büdcə insanların sosial rifah halının yaxşılaşmasına xidmət edir.
Bu mənada mən diqqəti qaçqın və məcburi köçkün problemlərinə yönəltmək istərdim. Qeyd etməliyəm ki, təmsil etdiyim laçınlılar ölkəmizin 59 rayonunda məskunlaşıblar. Ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı Prezidentimizin xüsusi diqqət və qayğısı hər birimizə yaxşı məlumdur. Bu günə qədər Azərbaycan hökuməti bu qəbildən olan insanların problemlərinin həlli ilə məşğuldur. Dünyanı cənginə alan maliyyə böhranına baxmayaraq, təkcə gələn il üçün məcburi köçkünlərin sosial müdafiəsi üçün 182,3 milyon manat vəsait ayrılıb.
Bir milyondan artıq qaçqın və məcburi köçkün ordusunun olmasına baxmayaraq, ölkədə sonuncu çadır şəhərciyi ötən ildən ləğv olunub. Bütün bunlar ölkə rəhbərliyinin bu qəbildən olan insanlara münasibətinin nümunəsidir və bunlar bizlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Hökumət üzvlərinin burada olmasından istifadə edərək deməliyəm ki, Laçın rayonunun əhalisi respublikanın 59 rayonunda məskunlaşıb. Onların 14 mindən çoxu isə Ağcabədi rayonunun Taxtakörpülü qəsəbəsində məskunlaşmışdır. Orada yaşayan insanların enerji satışı idarəsi olmadığına görə işıqdan çox böyük əziyyət çəkirlər. Hörmətli maliyyə naziri Samir Şərifovdan və enerji nazirindən xahiş edərdim ki, bu problemin həllinə kömək etsinlər.
Bildiyiniz kimi, Laçın rayonu dəniz səviyyəsindən 1800 km yüksəklikdə yerləşirdi və əhalinin əmək haqlarına 20 faiz yüksəkliyə görə əlavə vəsait ödənilirdi. İndi həmin 20 faiz əlavə yüksəklik pulu alınmır. Mən seçicilərlə görüşəndə onlar məndən xahiş etmişlər ki, əgər mümkündürsə, bu məsələ nəzərə alınsın.
Bütövlükdə ölkəmizin iqtisadiyyatındakı uğurlar, xalqımızın sosial rifahının yaxşılaşdırılması cənab Prezidentin diqqət mərkəzindədir və bunu hər bir azərbaycanlı şəxsi həyatında hiss edir. Bunu biz özümüz də hiss edirik. Bunun bariz nümunəsini qısa müddətdə belə bir böyük möhtəşəm binanın tikilib deputatlara təhvil verilməsində görürük. Ona görə də ölkəmizin iqtisadiyyatındakı uğurları çox yüksək qiymətləndirir, bu büdcənin hazırlanmasında iştirak edənlərə təşəkkürümüzü bildiririk. Mən büdcənin lehinə səs verəcəyəm, hörmətli həmkarlarımı da bu büdcənin lehinə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəli, Siyavuş Novruzov Sevindik müəllimlə yerini dəyişib.
Yerdən. Nə zaman dəyişib?
Sədrlik edən. O zaman. Buyurun, Mirkazım müəllim.
M.Kazımov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müasir dövrü üçün müəyyən etdiyi iqtisadi siyasət strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılması nəticəsində son illər baş verən dünya iqtisadi və maliyyə böhranı ölkəmizin iqtisadiyyatına az təsir göstərmişdir. Bunu 2008-ci ildə Azərbaycan iqtisadiyyatında baş vermiş 11 faizlik və bu ilin 9 ayınadək 6,1 faizlik artım göstərir. 2009-cu ildə MDB üzrə ümumi daxili məhsulun artımının Beynəlxalq Valyuta Fondu tərəfindən 5 faiz, MDB-nin Statistika Komitəsi tərəfindən isə 6 faiz olacağı proqnozlaşdırılır. MDB-nin ayrı-ayrı ölkələrində bu azalmanın 2–3 dəfə çox olacağı gözlənilir.
Son illərin, xüsusilə cari ilin ötən dövrünün önəmli uğurlarından biri ölkənin qeyri-neft sektorunda baş verən inkişafdır. Bu sektorun ən mühüm sahəsi olan kənd təsərrüfatında əldə olunan irəliləyişlər göz qabağındadır. Aqrar siyasətin ən mühüm nəticələrindən biri isə ölkəmizin əsas strateji məhsullara, o cümlədən taxıla olan tələbatının yerli istehsal hesabına tam ödənilməsidir. Cari ilin doqquz ayının yekunlarına görə kənd təsərrüfatında artım 3 faiz təşkil edir. MDB-nin digər ölkələrində geriləmə baş verdiyi halda bu göstərici böyük uğurdur. Ən önəmli fakt isə ölkədə ilk dəfə rekord səviyyədə 3 milyon ton taxıl istehsalına nail olunmasıdır.
“Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, sosial problemlərin həlli və əhalinin rifah halının yüksəldilməsi ölkənin bütün ərazisində olduğu kimi, deputat seçildiyim Cəlilabad rayonunda da daim diqqət mərkəzindədir. Cari ildə rayonun kənd təsərrüfatı istehsalçıları 152 min tondan artıq taxılın istehsalına nail olmuşlar. Belə uğurlar aqrar sektorun digər sahələrində də əldə edilmişdir. Bütün bunlar dövlət tərəfindən fermerlərə göstərilən hərtərəfli qayğının nəticəsində mümkün olmuşdur. Müzakirə etdiyimiz dövlət büdcəsi layihəsinə uyğun olaraq dövlət tərəfindən edilən bu qayğı 2013-cü ildə də davam etdiriləcəkdir.
Azərbaycan hökumətinin həmişə diqqət mərkəzində saxladığı regionların sosial-iqtisadi inkişafı və qeyri-neft sektoruna diqqət dövlət büdcəsinin əsas istiqamətlərindəndir. Gələn il də aqrar sahə dövlətin diqqətində, nəzarətində olacaqdır. Kənd təsərrüfatı, meşə sektoru və balıqçılıq sahəsinə 2 milyard 380 milyon manatdan çox büdcə vəsaitinin ayrılması planlaşdırılır. Bu məbləğin 260 milyon manatının meliorasiya və irriqasiya sistemlərinin saxlanılmasına və inkişafına yönəldilməsi proqnozlaşdırılır.
Bunlarla yanaşı, Dövlət Neft Fondunun vəsaitlərindən Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin reallaşdırılmasına 110 milyon manat, Oğuz–Qəbələ regionundan paytaxta su xəttinin inşasına 100 milyon manat investisiya qoyulması nəzərdə tutulur.
Gələn ilin dövlət büdcəsinin müsbət tərəflərindən biri də dünyada gedən iqtisadi proseslərin və maliyyə gərginliyinin ölkəmizin iqtisadiyyatına göstərə biləcək təsirlərinin ətraflı təhlil olunmasıdır. Beynəlxalq maliyyə qurumlarının araşdırmasına görə cari ildə dünya iqtisadiyyatında 1 faiz, gələn il isə 3 faiz artım gözlənilir. 2013-cü ilin dövlət büdcəsini tərtib edən iqtisadi və maliyyə qurumları gələn il Azərbaycanda iqtisadiyyatın real artımının 7 faiz səviyyəsində olacağını proqnozlaşdırırlar. Bu artımın kənd təsərrüfatında 4 faiz, sosial xidmətlər üzrə 3 faiz, nəqliyyatda 9 faiz, rabitə sahəsində 17 faiz olması gözlənilir.
Dövlət büdcəsi xərclərinin üçdə bir hissəsindən çox hissəsi sosial yönümlü sahələrə sərf olunacaq. Son illərdə olduğu kimi, 2013-cü ildə də büdcənin sosial yönümlü olacağı gözlənilir. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin reallaşdırılması davam etdiriləcək. Bunlar xüsusilə tikintisi başlanmış və bu gün davam etdirilən obyektlərə aiddir. Bu obyektlər, əsasən, infrastruktur layihələrə aid tikililərdir.
Hökumətin təhlilindən görünür ki, gələn il investisiya xərcləri bu il real icradan 400–500 milyon manat çox olmalıdır. Bu faktlar dövlət büdcəsi layihəsinin müsbət tərəfidir. Müzakirəyə təqdim olunan qanun layihələrindən göründüyü kimi, ölkədə yaşayış minimumu və ehtiyac meyarının həddi yüksəlir. Yaşayış minimumunun həddi 75 manatdan 87 manata, ehtiyac meyarı isə 60 manatdan 65 manata çatdırılacaq. Son dövrdə ölkədə bahalaşma baş versə də, əhalinin sosial müdafiəsi gücləndirilir.
Hörmətli millət vəkilləri, çıxışımı yekunlaşdıraraq bir daha qeyd etmək istəyirəm ki, büdcə zərfi çox yüksək səviyyədə tərtib olunub və müzakirə olunan qanunların lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli qonaqlar, hörmətli millət vəkilləri! Büdcə qanunu ilə bağlı onu söyləmək istəyirəm ki, dünyada gedən prosesləri biz təhlil etsək, hökumət tərəfindən büdcənin tərtibinə düzgün yanaşılmadığını görərik. Azərbaycanın imkanları var idi ki, biz büdcənin xərclərini azaltmayaq. Yəni müstəqillik əldə edəndən sonra ilk dəfədir ki, bu qədər ciddi formada büdcədə azalma müşahidə edirik.
Dünən hörmətli Elman müəllim burada fəxrlə dedi ki, ilin sonuna qədər ölkənin valyuta ehtiyatları 20 milyard dollara çatacaq. Amma gəlin, güclü iqtisadiyyatı olan ölkələri götürək. Onlar böhran zamanı məhz valyuta ehtiyatlarından istifadə edərək iqtisadiyyatlarını ayaq üstündə saxladılar. Rusiya az qala öz valyuta ehtiyatlarının üçdə ikisini xərclədi.
Cənab Prezident göstəriş verdi ki, bizim xarici banklarda saxlanan valyutadan 2 milyard dollar vəsait Azərbaycan banklarına da yerləşdirilsin. Prezidentin bu göstərişi də yerinə yetirilmədi. Xatırlayıram, keçən il hörmətli Elman müəllim söylədi ki, bizim vəsaitləri xarici banklarda saxlamağımızın əsas məqsədi gəlir əldə etmək yox, onları qoruyub saxlamaqdır. Amma mən hesab edirəm ki, həmin vəsaitin bir hissəsi Azərbaycan banklarında yerləşdirilsəydi, çox böyük gəlir əldə etmək olardı. Çünki Azərbaycan bankları xarici banklardan yüksək faizlə vəsait götürür və onun üstünə bir o qədər də qoyub bizim iş adamlarına verirlər.
İndi büdcədən sahibkarlara yardım üçün 44 milyon vəsait ayrılır. 44 milyonla Azərbaycanda sahibkarlığı inkişaf etdirmək olarmı? Həmin büdcə vasitəsi ilə bu inkişafa kömək göstərmək mümkündürmü? Qətiyyən mümkün deyil. 44 milyonla bir körpü tikmək olar. Götürək Amerika Birləşmiş Ştatlarını. Bizim hökumət üzvləri dünyanın aparıcı kütləvi informasiya vasitələrində gedən iqtisadi xəbərləri izləsəydilər, görərdilər ki, bankrot olmaması üçün Amerika banklara, ayrı-ayrı böyük şirkətlərə 1 trilyondan artıq yardım edir. Biz nə etdik? Sahibkarlara, iş adamlarına biz hansı formada köməklik etdik?
Amerika Birləşmiş Ştatlarında iri maşınqayırma sahəsini böhrandan xilas etmək üçün stimullaşdırırdılar ki, kim köhnə maşınlarını verib yeni maşın alsa, ona dövlət tərəfindən kreditlərlə kömək ediləcək. Bununla da maşınqayırma sənayesini böhrandan çıxardılar. İndi hökumət qorxa-qorxa bir büdcə formalaşdırır. Əgər hökumət bu böhrandan çəkinirsə, camaat pul xərcləyəcəkmi? Xeyr, xərcləməyəcək. Axı, camaat bunu görür, izləyir. Camaatı, əslində, meyilləndirmək lazımdır ki, insanlar pul xərcləsinlər. Onun üçün də hökumətin çəkinməməsi lazım idi. Lazım deyil ki, bizim 20 milyard valyuta ehtiyatımız olsun. Onu əvvəlki miqyasında, yəni 15–16 milyard miqyasında saxlamaq olardı.
Onsuz da bilirik ki, büdcə, əsasən, neft gəlirləri hesabına formalaşır. Büdcəyə edilən transferin məbləğini bir az artırmaq olardı. Bizim Qarabağ kimi problemimiz var. Ermənistana nə beynəlxalq təzyiq var, nə də onları başa salan. Onları yalnız güc başa sala bilər. Bu gücü də formalaşdırmaq üçün biz hərbi xərcləri ən azı indikindən 2 dəfədən çox artıraq. Müharibə etməyən ölkələr var ki, büdcənin 20-25 faizini hərbi xərclərə ayırırlar. Bu baxımdan hesab edirəm ki, yanaşma düzgün olmayıb.
Dünən burada Hadi müəllim qeyd etdi ki, Lənkəranda aeroport tikilib, amma həmin aeroport açıldığı gündən qapılarına qıfıl vurulub. Xatırlayırsınızsa, bu Milli Məclisin iclasında, – həmin iclasda hökumət üzvləri də iştirak edirdilər, – mən çıxışımda dedim ki, bu tipli layihələr mütləq Milli Məclisdə müzakirə olunmalıdır. İkincisi, niyə bu vəsaiti qoymağımız iqtisadi cəhətdən əsaslandırılmalı idi ki? O zaman mən söylədim ki, Lənkəranda aeroport əvəzinə bir velosiped zavodu tiksəniz, yaxşı olardı. 300-400 adam işləyərdi. Camaat Çindən idxal etdiyimiz keyfiyyətsiz velosipedləri alır, bir həftədən sonra tamamilə dağılır. Yaxud Zaqatalada aeroporta ehtiyac var idi? Orada xammal satmaq əvəzinə normal bir zavod tikmək olardı.
O gün biz yenə də məişət tullantıları fabrikinin tikilməsi ilə əlaqədar cənab Prezidentin təməlqoyma mərasimində iştirak etdik. Axı, biz sosialist təsərrüfat sisteminin özünü doğrultmadığının şahidi olduq. Niyə bu tipli müəssisələr sahibkarlara verilmir ki, onlar tiksin? Sahibkarların vəsaiti bəs etmirsə, onlara kredit verilsin. Amma niyə bunlar dövlət vəsaiti hesabına tikilməlidir? Niyə olimpiya kompleksləri dövlət vəsaiti hesabına tikilməlidir? Bir müddətdən sonra isə dağılır.
Prezident seçkilərində mən Lənkəranda oldum. Olimpiya kompleksində iclas keçirdim. Tamamilə bərbad, dağılmış vəziyyətdə idi. İçərisinə tikinti materialları yığmışdılar. Sonra obyektləri formada saxlamaq üçün vəsait də bəs etmirdi. İndi diaqnostika mərkəzləri tikilir. Niyə iş adamlarına şərait yaradılmır ki, bu işi onlar görsünlər? Axı, dövlət mülkiyyəti hesabına tikilən müəssisələrdə çalışmaq üçün böyük məbləğdə vəsait lazımdır.
Mən hörmətli Şəmsəddin müəllimin bu yaxınlarda, yəni bir neçə gün öncə mətbuatda çıxışına rast gəldim. Qeyd olunur ki, müəllimlər üçün ayrılan hər 100 manatın 41 manatı vergiyə tutulur. Biz elmə və təhsilə ayrılan vəsaiti artırmalıyıq. Doğrudan da, bu rəqəm çox biabırçı bir rəqəmdir. Nəhayət, “Təhsil haqqında” Qanun qəbul etdik və universitetlərə də səlahiyyət verdik ki, müəllimlərə əlavə yardım edə bilsinlər. Yardımlardan tutulan vergilər ən azı 50 faiz azaldılmalıdır ki, universitetlər öz müəllimlərinə normal kömək edə bilsinlər. Biz böhran şəraitində müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atmalıyıq. Elmə ayrılan vəsait ən azı 2 dəfə artırılmalıdır. Bütün normal ölkələrdə büdcənin 2 faizi elmə ayrılır, bizdə isə 0,9 faiz ayrılır. Bu məsələyə də mütləq diqqət yetirilməlidir. Elmə vəsait qoymadan biz nə iqtisadiyyatımızı, nə də cəmiyyəti inkişaf etdirə biləcəyik.
Məni ən çox narahat edən məsələlərdən birini burada hörmətli millət vəkillərindən biri də söylədi. Bu, İctimai televiziyaya ayrılan vəsaitdir. Bu telekanal büdcədən maliyyələşən yeganə telekanaldır ki, Milli Məclisin fəaliyyətini daha çox işıqlandırır, deputatlara imkan yaradır. Avropa Yayım Birliyi var və onun üzvü olan telekanalların içərisində ən az maddi-texniki bazası olan, ən az büdcəsi olan məhz bizim İctimai televiziyadır.
Mən çıxışımın sonunda diqqəti “Azal”la bağlı məsələyə yönəltmək istəyirəm. Bu gün mətbuatda oxuyuram ki, Naxçıvana uçan təyyarələrin sayı 7-dən 3-ə endirilib. Naxçıvan tam blokadaya alınır. Ermənilər qurudan almışdı, “Azal” da havadan Naxçıvanı blokadaya alır. Mən dedim, araşdırsınlar, görsünlər ki, doğrudan da, qiymətləri birdən-birə az qala 2 dəfə qaldırmağa əsas varmı? Ziyafət müəllim, bir misal çəkim. Məsələn, Moskvadan Kalininqrada 1220 kilometrdir. Bizim pulla təyyarə biletinin qiyməti 49 manatdır. Yaxud Moskvadan Krasnodara 1420 kilometrdir, biletin qiyməti 61 manatdır, Moskvadan Ufaya 1397 kilometrdir, biletin qiyməti 68 manatdır, İstanbuldan Ankaraya 42 manatdır, Kiyevdən Brüsselə 107 manatdır. Bunu söyləməkdə məqsədim ondan ibarətdir ki, məgər “Azal”ın prezidenti – məgər o ölkənin Prezidentidir, Azərbaycanın dövlət başçısıdır, yoxsa spikerdir, yaxud Baş nazirdir ki, hansısa xarici ölkəyə gedəndə özəl təyyarə ilə uçur? Özünün vertolyotu var, at zavodu var və sair. O bu hüquqlardan məhrum edilsə, onda sadə, kasıb naxçıvanlıların hesabına borcları örtməyə ehtiyac qalmayacaq.
Azərbaycanda ən varlı şirkət Dövlət Neft Şirkətidir. Mən bu yaxınlarda İstanbula uçanda Rövnəq müəllim mənim yanımda oturmuşdu. İndi bilmirəm, son günlər o da özünə təyyarə alıb, yoxsa yox? Amma hər halda ümumi təyyarə ilə uçurdu. Niyə “Azal”ın prezidenti harasa ayrıca təyyarə ilə uçmalıdır? Ona görə də bu xərclərin qarşısını biz alsaq, bütün bu problemləri həll etmək mümkündür.
Regionların inkişafı ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Bizim ucqar kənd rayonlarını inkişaf etdirmək üçün orada mütləq yaradılan emal və istehsal müəssisələrinə ciddi vergi güzəştləri nəzərdə tutulmalıdır ki, Bakı bir az yüngülləşsin, yəni sahibkarlar gedib rayonlarda iş yerləri açsınlar. Yoxsa belə ciddi güzəştlər olmasa, hamı Bakıya axışacaq. Əhalinin çoxu burada yaşayır, rayonlardan gəlib buraya vəsait qoyurlar, burada hansısa bir iş yeri açırlar. Amma rayonlarda iş yerləri açılmır.
Sonda hökumət üzvlərinin diqqətinə onu çatdırmaq istəyirəm ki, 5 nəfər hökumət nümayəndəsi çıxış etdi. Mən Hesablama Palatasının rəyini də elə hökumətin çıxışı kimi qəbul edirəm. Amma heç biri demədi ki, Azərbaycanda bu böhran ilində nə qədər iş yeri ixtisar olunub. Ancaq dünyanın hər yerində əsas diqqəti çəkən məqam odur ki, böhran dövründə Azərbaycanda nə qədər iş yeri itirilib. Amerika Birləşmiş Ştatlarında hər gün deyirdilər ki, az qala 10 minlərlə iş yeri itirilir və işsizlik faizi 2 faizdən 9,7 faizə qalxıb. Amma Azərbaycanda nədənsə bu rəqəmlərə diqqət yetirilmir. Hökumət bu məsələyə diqqət yetirsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli qonaqlar və mətbuat işçiləri! Bu gün taleyüklü bir məsələnin müzakirəsi gedir. Bu müzakirə ilə bağlı bəzi məqamları sizinlə bölüşmək istərdim. Əvvəla, büdcə ilə bağlı məruzələrin təqdimatı elmi cəhətdən kifayət qədər əsaslandırılmış və hər bir kəsin başa düşdüyü bir formada ifadə edilmişdir. Hesablama Palatasının büdcə ilə bağlı söylədiyi fikirlər hətta büdcə zərfini oxumayan hər bir kəsdə büdcə ilə bağlı kifayət qədər fikir formalaşdırdı. Təqdim edilən sənədi, deyilən fikirləri yekunlaşdırsaq və büdcənin ümumi miqdarını nəzərə alsaq, əvvəlcədən söylənilən belə bir fikir təsdiqləndi ki, Azərbaycan, doğrudan da, dünyanı caynağına alan qlobal böhrandan qorxusuz formada çıxa bilmişdir və bu iş davam edir.
Mən hesab edirəm ki, bizim Məclisdə kifayət qədər iqtisadçı, mütəxəssis var. Onların sözünə daha çox ehtiyac duyulur. Çünki mən o düşüncədən uzağam ki, insan deputat seçiləndən sonra hər şeyi bilir və hər şey haqqında danışmaq olar. Lakin ümumi məsələlərlə bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdim. Deyilən fikirlərdən, xüsusilə təhsilin, səhiyyənin və mədəniyyətin inkişafına diqqətin daha da artırılması məsələsinə mən də qoşuluram. Ziyalı ordusuna diqqəti gücləndirmək lazımdır.
Burada Azərbaycanın mənəviyyatı, teleekranda gedən verilişlər müzakirə obyektinə çevrildi. Bu sahədə İctimai televiziyanın rolu danılmazdır. Azərbaycanın mədəniyyətinin, mənəviyyatının, xalqın milli dəyərlərinin xalqa çatdırılması sahəsində gördüyü işləri nəzərə alaraq, İctimai televiziyaya diqqətin artırılması məqsədəuyğun olardı.
Mən fikrimi daha çox təmsil olunduğum regiona yönəltmək istərdim. Məlumdur ki, regionların sosial-iqtisadi inkişafı fonunda Cəlilabad, Biləsuvar və Masallı rayonlarında da kifayət qədər inkişaf var. Daha çox əhatə etdiyim məsələ Cəlilabad rayonu ilə bağlıdır. Rayonun inkişafı göz qabağındadır. Hamımıza məlumdur ki, rayona Qurbanov rəhbərlik etdiyi dövrdə Cəlilabad respublikada nümunəvi bir rayon idi. Amma sovet imperiyası çökdükdən sonra hər yerdə olduğu kimi, Cəlilabad da bir növ xarabalığa çevrildi. Bu gün isə tamamilə başqa bir mənzərədir. 10 il ərzində Azərbaycanın apardığı sosial-iqtisadi siyasətin qanunauyğun ifadəsidir. Cəlilabadda kifayət qədər uğurlar var. Əgər bir neçə il ərzində 15-ə qədər müəssisə  açılıbsa, xüsusi izahata ehtiyac duyulmur.
Bu məsələlərin içərisindən bir məsələni maliyyə nazirinin diqqətə götürməsini xahiş edərdim. Bu məsələ üzərində fikirləşmək, bəlkə də bu məsələyə kömək etmək olar. Məlumdur ki, 2008-ci ildə cənab Prezidentin göstərişi ilə Cəlilabad–Yardımlı yolunun çəkilişinə başlandı. Bu, seçkiqabağı dövr idi. 10 kilometr çəkildikdən sonra bu yolun tikintisi dayanıb. Sizə elə gəlməsin ki, bu hansısa bir qəsəbəyə, bir kəndə çəkilən yolun mahiyyətini özündə əks etdirir. Yox, 80 kəndi birləşdirən, 80 kəndin məhrum olduğu magistral bir yoldan söhbət gedir. Burada yaşayan minlərlə insan magistral yoldan uzaq düşüblər.
Sovetlər dövründə bu yol fəaliyyət göstərdi, lakin hakimiyyət dəyişikliyi dövründə hansısa səbəbdən dövlət yolu statusundan uzaqlaşdırıldı. Çox sağ olsun cənab Prezident, bu sahədə göstəriş verdi və 10 kilometr çəkildi. Bu yolun ümumi uzunluğu cəmi 70 kilometrdir. 60 kilometr yolun isə təmirə ehtiyacı var. Mən güman edirəm ki, bu məsələyə gözdən iraq, könüldən iraq münasibət bəslənilməməlidir. Aidiyyəti orqan 10 kilometrlik məsafə üçün ayrılmış pulları xərclədikdən sonra, təbii olaraq, dayanmalı oldu. Xahiş edirəm, bu məsələni diqqətə götürəsiniz.
Bunun siyasi tərəfi var, mənəvi tərəfi var, insani tərəfi var. 80 kənd yoldan məhrumdur və rayon mərkəzi ilə əlaqəsi yoxdur. Onlar oktyabr ayından başlayaraq gözləməlidirlər ki, may ayında haçan yer quruyacaq, mərkəzlə, Bakıyla və digər yerlərlə əlaqə yaradacaqlar. Bunun səhiyyə problemi var, xəstəlik problemi var. Bunun insani, mənəvi, iqtisadi tərəfi var. İnsanlar özlərinin əmək məhsullarını bazara çıxara bilmirlər.
Nəhayət, bunun siyasi tərəfinə fikir verək. Sərhəd boyu gedən bir yoldur. Buna babalarımız “Çar çəpəri” deyirdilər. 10 kilometr yolun çəkilməsindən sonra camaat artıq bu yola yeni ad verib: “Prezident yolu”. Qoy Çar çəpərinin yanından da bir Prezident yolu getsin. 80 kənddə yaşayan insanların durumuna təsir göstərsin. Bu məsələni gündəmə gətirməkdə məqsədim ondan ibarətdir ki, bizim maliyyə naziri bu məsələni, yəqin ki, diqqətdə saxlayacaq və bu məsələ həll olunacaq.
İkinci məsələ. Cəlilabad rayonunda Göytəpə şəhəri var. Şəhər statusu almış bu yerdə bir dənə mədəniyyət evi, klub yoxdur. Səhiyyə ocağı çox bərbad vəziyyətdədir. Regionların ümumi inkişafı fonunda Cəlilabadda böyük uğurlar var. Ancaq rayonun maddi durumu, səviyyəsi, ayrılan vəsait bu məsələnin həll olunmasına imkan vermir. Hesab edirəm ki, bu məsələdə onlara kömək etmək olar.
Nəhayət, beş min əhalisi olan rus icmasının, yəhudi icmasının məskunlaşdığı və adı dəyişdirilməyən Trivolnı kəndi var. Göytəpə ilə Trivolnı kəndi arasında 6 kilometr məsafə var. Bu insanlar da yoldan məhrumdurlar. Bunların da yolu bərbad vəziyyətdədir. Güman edirəm ki, Cəlilabad rayonuna ayrılmış vəsaitə xüsusi nəzarət formasında bu məsələlərin həlli yerinə düşər, cəmiyyətin hakimiyyətə münasibətinin ifadəsi olar. Ən başlıcası, regionların sosial-iqtisadi inkişafında yeni addım olar. Yüzlərlə insan aylarla, illərlə gözlədiyi istəyinə qovuşa bilər.
Bütün bunlarla yanaşı, hesab edirəm ki, büdcə kifayət qədər ətraflı şəkildə əsaslandırılmış formada təqdim edilmişdir və mən bu büdcəyə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən çıxışımı Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yekun nitqində büdcə layihəsi barədə söylədiyi fikirlərlə başlamaq istəyirəm. Cənab Prezident layihəni yüksək qiymətləndirərək qeyd etdi ki, dövlət büdcəsi balanslaşdırılmış əsaslarla tərtib edilir, Azərbaycanda ciddi sosial siyasət aparılır. Bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi də bu siyasətin təzahürüdür.
Son illərdə ölkə başçısının rəhbərliyi ilə uğurla həyata keçirilmiş qabaqlayıcı antiböhran tədbirləri sahəsində ölkəmiz qlobal böhranın dağıdıcı təsirindən maksimum müdafiə olunmuş, iqtisadiyyatın dayanıqlığı qorunub saxlanılmış, nəticədə makroiqtisadi göstəricilərin sabitləşməsinə nail olunmuş, həm iqtisadi, həm də sosial göstəricilərdə əhəmiyyətli artımlar əldə edilmişdir. Sosial siyasətin həyata keçirilməsinə də münbit şərait yaradılmış, habelə infrastruktur layihələrin icrası dayanmadan davam etdirilmişdir. Cari ilin doqquz ayında ölkədə istehsal edilən ümumi daxili məhsulun həcmi 6,1, sənaye istehsalının həcmi 5 faiz, kənd təsərrüfatı istehsalı həcmi isə 3 faiz artmışdır. Ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil etmişdir.
Hesab edirəm ki, müzakirəyə təqdim olunmuş dövlət büdcəsinin layihəsi həm xarici, həm də daxili iqtisadi amillər tam nəzərə alınmaqla tərtib olunmuşdur. Həyata keçirilmiş qabaqlayıcı tədbirlər inflyasiyanın səviyyəsinin mütəmadi olaraq aşağı düşməsinə zəmin yaratmış və əvvəlki ilin müvafiq dövrünə nisbətən inflyasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşərək 2,1 faiz təşkil etmişdir.
Növbəti ildə sosial proqramların davam etdirilməsi ilə bağlı lazımi tədbirlərin görülməsi, yoxsulluğun azalması meyillərinin davam etdirilməsi, sosial infrastrukturun yeniləşməsi, daxili ehtiyatlar hesabına əhalinin ərzaq məhsulu ilə təmin edilməsi infrastruktur layihələrin başa çatdırılması və digər istiqamətlərdə məqsəd və vəzifələr müəyyənləşdirilmişdir. 2010-cu ilin dövlət büdcəsinin layihəsində elmin, təhsilin, səhiyyə və mədəniyyətin maliyyələşdirilməsinə xüsusi diqqət verilmişdir.
Hörmətli həmkarlarım, təsadüfi deyil ki, möhtərəm Prezidentimiz Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında dövlət tərəfindən təhsilin inkişafına çox böyük önəm verdiyini vurğulamış, həmçinin qeyd etmişdir ki, Azərbaycan dövləti həmişə olduğu kimi, təhsilin inkişafına çox böyük əhəmiyyət verir. Bu, həqiqətən, müsbət haldır. Bunu görmək üçün ancaq Azərbaycanın dövlət büdcəsinə baxmaq kifayətdir. Təhsil xərcləri ordu xərclərindən sonra dövlət büdcəmizdə birinci yerdədir. Mən bu barədə bir neçə statistik göstəriciləri diqqətinizə çatdırmaq istəyirəm. 2010-cu ilin dövlət büdcəsinin xərclərində elm, təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə xərclərin xüsusi çəkisi 18 faiz təşkil edəcəkdir ki, bu da 2009-cu illə müqayisədə 7 faiz çoxdur. Həmin sahələr üzrə proqram və tədbirlərə ayrılacaq vəsaitin xüsusi çəkisi isə 2010-cu və 2009-cu ildə dəyişməz olaraq qalmışdır. Bu bizə onu deməyə əsas verir ki, növbəti ilin büdcəsində sosial sahələrin maliyyələşdirilməsində, o cümlədən proqramlı büdcə prinsipinə üstünlük verilmişdir.
Hər ilin büdcəsində olduğu kimi, 2010-cu ilin büdcəsində də sosial sahələrdə əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsində büdcədən vəsait ayrılması nəzərdə tutulmuşdur. 2010-cu ildə qeyd olunan sahələr üzrə bu məqsədlərə ümumilikdə 101 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2009-cu illə müqayisədə 10,8 milyon manat çoxdur. Dövlət büdcəsində bu xərclərin xüsusi çəkisi 2009-cu ildə 0,7 faiz olmuş, 2010-cu ildə isə 0,8 faiz təşkil edəcəkdir.
Təəssüflər olsun ki, son günlərdə dövlət büdcəsinin layihəsində iqtisadçı olmayan bəzi şəxslər əsaslandırmağa çalışırlar ki, büdcə layihəsinin təqdim olunmuş formada qəbul olunması büdcənin icrasında böyük problemlər yaradacaqdır. Bəzi həmkarlarım da büdcə layihəsi müzakirə və təsdiq olunmadan bir az da irəli gedib gələn ilin büdcəsi barədə müxalifət qəzetində əsası olmayan fərziyyələr söyləyirlər. Onlara demək istəyirəm ki, 2010-cu ilin büdcəsinin tərtibində Azərbaycan hökuməti ölkənin iqtisadi və maliyyə siyasətini tam nəzərə almışdır. Mənim söylədiyim fikirlər barədə kimlərdəsə şübhə yaranarsa, onlara tövsiyəm budur ki, Hesablama Palatasının dövlət büdcəsi layihəsi barədə hazırladığı rəyi diqqətlə oxusunlar. Mən fürsətdən istifadə edib Hesablama Palatasının rəhbərinə və onun kollektivinə büdcə layihəsinə verdiyi belə geniş və əsaslandırılmış rəyə görə minnətdarlığımı bildirmək istəyirəm.
Hesab edirəm ki, cari ildə dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi dövlət büdcəsinin mədaxilinin icrasında üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmişlər. 2010-cu ildə dövlət büdcəsində nəzərdə tutulmuş tədbirlərin vaxtında maliyyə təminatını həyata keçirmək üçün bu işlərin davam etdirilməsi zəruridir.
Mən çıxışımın sonunda büdcənin peşəkar, yüksək səviyyədə tərtibi ilə əlaqədar Maliyyə Nazirliyinin rəhbərliyinə və onun kollektivinə, bütövlükdə hökumətimizə öz təşəkkürümü bildirirəm. İnanıram ki, 2010-cu ilə dövlət büdcəsi layihəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan xalqının rifahının yaxşılaşmasına, ölkənin hərbi qüdrətinin artırılmasına, sosial sahələrin, habelə ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi olan nəqliyyatın və yol infrastrukturunun, aqrar sektorun və digər mühüm sahələrin inkişaf etdirilməsinə zəmin yaradacaqdır. Mən 2010-cu ilin dövlət büdcəsi layihəsini müsbət qiymətləndirirəm və millət vəkillərini bunu təsdiq etməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əhəd müəllim. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Dəyərli həmkarlar, hörmətli qonaqlar və mətbuat təmsilçiləri! III çağırış Milli Məclis olaraq biz ardıcıl dördüncü dəfə növbəti ilin büdcə zərfini müzakirə edirik. Qeyd edildiyi kimi, bu müzakirənin əvvəlkilərdən fərqli bir özəlliyi var. Əvvəlki illərin büdcə vəsaiti özündən öncəki illə müqayisədə sürətli maliyyə artımı ilə müşahidə edilirdisə, 2010-cu ilin büdcəsi cari ildəkindən az nəzərdə tutulub. Təbii ki, büdcə zərfini təqdim edən hökumət rəsmiləri belə yanaşmanın yeganə düzgün yol olduğunu əsaslandırırlar. Bu nöqteyi-nəzərdən mən büdcə zərfini Milli Məclisə təqdim edən hər üç məruzəçinin arqumentlərini məntiqli hesab edirəm.
Heç kəsə sirr deyil ki, Azərbaycanın valyuta ehtiyatlarının bugünkü həcmi növbəti il üçün də büdcə vəsaitinin cari illə müqayisədə artım tendensiyasını saxlamaq imkanı verib. Hörmətli həmkarım Qüdrət müəllim bu haqda danışdı. Hesab edirəm ki, ölçüsündən asılı olmayaraq iqtisadi mühitin bütün elementləri, – istər ayrı-ayrı fərdlər və ya hər hansı şirkət, istərsə də dövlətin bütün iqtisadi mexanizmi, – zaman-zaman öz durumunu dəyərləndirməli, gələcək davamlı inkişaf üçün mümkün maliyyə axınına öz töhfəsini verməyi bacarmalıdır.
Yəqin, razılaşarsınız, dünyada neçə-neçə fərdlər və şirkətlər, hətta dövlətlər də böhran dönəmində lazımi məqamda bunu məhz edə bilmədikləri üçün iflasa məhkum olmuşlar. Bizim yaxın keçmişdə də belə məqamlar olub. Səhv etmirəmsə, 1998-ci ilin büdcə vəsaiti 1997-ci ilin büdcə vəsaitindən çox az fərqlənirdi. Məhz bu zəruri tənəffüsdən sonra növbəti illərin büdcəsində ardıcıl olaraq dinamik artım, iqtisadiyyatımızda isə sürətli inkişaf dövrü başladı. Mən də hesab edirəm ki, müzakirəyə təqdim edilən büdcə zərfi ölçülü-biçili və ehtiyatlı tərtib olunub, habelə iqtisadiyyatın dövlət və xalq qarşısında daşıdığı məsuliyyət yükünü tam əks etdirib.
Büdcə zərfində son illərə xas olan illik artım dinamikasının kəsilərək ehtiyatlı tutulmasının labüdlüyünü təsdiqləyən bir amil də var. Beynəlxalq Əmək Təşkilatı dünyada son illər üzrə əmək haqlarının dəyişmə tendensiyası barədə qlobal məruzə hazırlayıb. Həmin sənədə görə 2008-ci ildə əməliyyatların qlobal artımı böhranın dərinləşməsi səbəbindən səngiyib və dünya iqtisadiyyatında son zamanlar inkişaf tendensiyasının müşahidə edilməsinə baxmayaraq, 2010-cu ildə də əmək haqlarının tempində azalmalar müşahidə ediləcəkdir. Eyni zamanda, həmin məruzədə qeyd edilir ki, 35 ölkənin yarısında 2009-cu ilin birinci rübündə maaşlar azaldılıb, 53 ölkədə orta aylıq əmək haqqının real artım tempi 4,3 faizdən 1,4 faizə düşüb. Hətta böyük iyirmiliyə daxil olan 10 ölkədə keçən il orta aylıq əmək haqqında əvvəllər müşahidə olunan 1 faizlik artım bu il 0,1 faiz azalma ilə əvəz olunub. Məruzədə həm də qeyd olunur ki, Yaponiya, ABŞ, Braziliya və Rusiya da daxil olmaqla, bir çox ölkələrdə minimal əmək haqqının artımı inflyasiya səviyyəsini ötüb.
Burada da dəyərli həmkarlarımın qeyd etdiyi kimi, konservativ baxımdan qiymətləndirilsə də, dövlətin elan etdiyi strateji istiqamətlər, sosial müdafiə və qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatının dinamik inkişaf tendensiyası qorunub saxlanmışdır. Əlbəttə, bu sırada ən vacib məsələ müdafiə xərclərinin lazımi səviyyədə saxlanılmasıdır. Dünyanın böyük güc mərkəzlərinin bölgəmizlə, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdükləri siyasətin, gedən proseslərin gərgin dövründə bu xərclərin daha da artırılması imkanının tapılması iqtisadi əhəmiyyətindən çox, siyasi önəm daşıyır. Bu, danışıqların çətin və mürəkkəb axarında ölkəmizin siyasi rəhbərliyinə çox mühüm dəstəkdir.
Burada aqrar sahə haqqında da kifayət qədər danışıldı. Bu sahədə aparılan islahatlar, torpaq üzərində xüsusi mülkiyyətin bərqərar olunması istər bitkiçilikdə, istərsə də heyvandarlıqda öz bəhrəsini verib. Bu mərhələdə nə mümkünsə, əldə edilib. Ona görə də aqrar islahatların ikinci mərhələsi davam etdirilməlidir. Azərbaycan kəndlisinin ən böyük problemi kimi beş-altı il öncə burada yalnız və yalnız yerli məhsulların istehsalını yaratmaqdan söhbət gedirdisə, bu gün kəndlinin ən böyük problemi istehsal etdiyi məhsulun satışını təşkil etməsi ilə bağlıdır. Mən hələ ixracı demirəm. Hətta daxili bazar üçün, xüsusən də xırda və orta fermer təsərrüfatlarının məhsullarını bazara aparacaq strukturun yaradılması istiqamətində hökumət müəyyən addımları atmalıdır.
Yəqin ki, sovet dövrünü xatırlayırsınız. Həmin dövrdə “Azərittifaq” deyilən bir qurum fəaliyyət göstərirdi. Onun da əsas məqsədi kənd istehsalçılarının məhsullarını bazarlara çıxarmaqla məşğul olmaq idi. Səhv etmirəmsə, həmin qurum bu gün həm mərkəzi strukturunu, həm də regiondakı strukturlarını saxlamaqdadır. Hesab edirəm ki, hökumət məhz bir sahəni canlandırmaqla, – emal sahələrində müəyyən rəqabəti saxlamaq şərti ilə, – məhz kəndlinin məhsulunun bazara çıxarılmasında müəyyən köməklik göstərə bilər.
Sizə qəribə gəlsə də, mənə elə gəlir ki, ümumiyyətlə, kənd təsərrüfatının bugünkü məqamında bəlkə də yeni mərhələ olaraq, bütün sahələrdə, həm emal sahəsində, həm tədarük sahəsində, həm də istehsal sahəsində kooperativləşməyə getmək çox vacibdir.
Bu gün aqrar sahənin ən böyük problemi kənd təsərrüfatı ilə məşğul olan fermerlərin təsərrüfatının xırda olmasıdır. Təsəvvür edin ki, bu təsərrüfatların mütləq əksəriyyətindəki torpaq payı 1,5–2 hektardan o yana keçmir. Amma inkişaf etmiş aqrar ölkələrdə belə bir orta göstərici təxminən 10 hektarla 70 hektar arasındadır. Hansı yeni texnologiyanın tətbiqindən, hansı yeni elmi nailiyyətlərin aqrar sahəyə tətbiqindən danışmaq olar ki, orada fermerin yalnız 1,5–2 hektar torpaq sahəsi var? Ona görə də xüsusən istehsal sahəsində biz hələ də kolxoz və sovxoz anlayışından o qədər də uzaqlaşmamışıq. Amma yeni məntiqlə, yeni əsaslarla kənddə kooperativləşməyə getməyə çox böyük ehtiyac var. Qeyd etdiyim kimi, bu yenilik nəinki təkcə istehsal və emal sahələrində, habelə digər tədarük sahələrində də həyata keçirilməlidir. Əlbəttə, bunun hüquqi bazası da yaradılmalıdır.
Mən hesab edirəm ki, biz Milli Məclis olaraq, qanunvericilik orqanı olaraq aqrar sahənin strateji inkişafı haqqında, habelə aqrar sahədə kooperativləşmə haqqında, yaxud aqrar sahədə məsləhət xidməti haqqında qanunlar toplusunu qəbul etməli və beləliklə, aqrar sahəyə yeni nəfəs vermək üçün hüquqi baza yaratmalıyıq. Çox yaxşı haldır ki, bizim büdcəmizdə konservativ olsa da , “Aqrolizinq” xətti ilə yeni texnikaların gətirilməsinə vəsait öz əvvəlki həcmində saxlanılır. Yenə də bir fakta müraciət etmək istəyirəm. Adətən, inkişaf etmiş ölkələrdə hər min hektara 10 kənd təsərrüfatı texnikası düşürsə, bizdə hələ bu sarıdan kasadlıqdır. Bu istiqamətdə işlərin davam etdirilməsi çox vacibdir.
Bir neçə kəlmə də özümün təmsil etdiyim Şəki rayonunun problemləri haqqında danışmaq istəyirəm. Əlbəttə, regionların problemləri haqqında burada danışıldı və hesab edirəm ki, həmin problemlər bizim rayona da xasdır. Bu, təbii qazlaşma ilə, kənd yerlərinin yolları ilə bağlıdır. Əgər xatırlayırsınızsa, bir neçə il öncə Milli Məclis üzvlərinin hökumət təmsilçiləri ilə təmaslarında ən çox elektrik enerjisindən danışılardı. İndi bu barədə söhbət yoxdur. Çünki hökumət həmin problemi həll etdi. Kənd yerlərinin təbii qazla təmin olunması problemini də hökumətimiz həll etmək iqtidarındadır və ümid edirəm ki, gələcək görüşlərdə də bu haqda Milli Məclisdə məsələ qaldırılmayacaq.
O ki qaldı kənd yollarına, mən konkret təklif etmək istəyirəm. Sovet dövründə yerli yolların istismarı və təmiri üçün xüsusi idarələr var idi. Hesab edirəm ki, həmin idarələr mövcud qurumların nəzdində bərpa olunmalıdır. Əgər xatırlayırsınızsa, onların maliyyələşdirilməsi ölkədə fəaliyyət göstərən bütün idarə və təşkilatların maliyyə planının 0,3 faizi həcmində ora ödəmələrin hesabına həyata keçirilir. Biz elə bir mərhələdəyik ki, bu gün kənd yollarının təmiri kəndlərimizin rayon mərkəzi ilə əlaqəsini təmin etmək üçün çox vacibdir. Bütün bunlarla yanaşı, mən büdcəni yüksək qiymətləndirirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi ilə əlaqədar təqdim edilmiş materialların təhlilindən, hörmətli həmkarım Ziyad Səmədzadənin və nazirlərimizin ətraflı çıxışlarından məlum olur ki, ölkəmiz qlobal iqtisadi böhran şəraitində də öz liderliyini saxlayır. Bu isə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi siyasət strategiyasının nəticəsidir.
Dünyada iqtisadi böhran davam etsə də, ölkəmizin 2010-cu il dövlət büdcəsinin gəlirləri və xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi yenə də yüksəkdir və gəlirlər üzrə 31,5 faiz, xərclər üzrə 35,4 faiz müəyyən edilmişdir. Bu isə 2009-cu illə müqayisədə müvafiq olaraq 3,9 və 2,8 faiz çoxdur. Bəzilərinin 2010-cu ilin büdcə gəlirləri və xərclərinin 2009-cu ilin göstəricilərindən az nəzərdə tutulmasına bədbin yanaşmalarını düzgün hesab etməzdim. Çünki məsələ yalnız daha çox vəsait ayrılmasından ibarət deyil. Əsas odur ki, ayrılan həmin az vəsaitləri təyinatı üzrə xərcləməklə daha çox iş görmək mümkündür.
Hörmətli həmkarlarıma bildirirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 2004–2008-ci illər Dövlət Proqramı”nın uğurla icra olunması regionların inkişafına böyük təkan vermişdir. Belə ki, əgər bu proqramdan əvvəl respublikamızın kənd və şəhərləri yerli gəlirlər hesabına öz büdcə xərclərinin cəmi 10–15 faizini ödəyirdisə, hazırda həmin göstərici Qəbələ, Abşeron, Xaçmaz rayonlarında, habelə Sumqayıt, Şirvan və Lənkəran şəhərlərində 50–85 faiz təşkil edir. Naxçıvan Muxtar Respublikasında ölkə Prezidenti möhtərəm İlham Əliyevin qayğısı və yaxından köməyi ilə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səyləri nəticəsində son vaxtlar bir neçə sənaye və aqrar obyektlər istifadəyə verilmişdir ki, onlar da büdcəyə xeyli vəsait ödəyəcəklər.
Blokadada olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu iqtisadi siyasət və sistemli tədbirlər yerli istehsal hesabına ərzaq təhlükəsizliyini tam təmin etməyə imkan verir. Biz şübhə etmirik ki, yaxın illərdə bu iqtisadi rayon büdcə xərclərini tamamilə yerli vergilər hesabına ödəyəcək və dotasiyalı regiondan donorlu regiona çevriləcəkdir.
Qeyri-neft sektorunun prioritet sahə olması və inkişaf üçün geniş imkanlar açması, habelə hazırda dünyanı ən çox narahat edən işsizlik və yoxsulluq probleminin aradan qaldırılmasında aqrar bölmənin müstəsna rol oynaması həmişə ölkə rəhbərliyinin diqqətində olmuş və gələn ilin büdcə layihəsində də öz əksini tapmışdır.
2010-cu ilin dövlət büdcəsindən kənd təsərrüfatına ümumi xərclərin 3,4 faizi həcmində, yəni 382,7 manat vəsait ayrılması 2009-cu ilə nisbətən 15 faiz çoxdur və aqrar sahənin normal artım sürətinə tam uyğundur. Hesab edirik ki, bu artımın Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Torpaq     və Xəritəçəkmə Komitəsi üzrə 18 faiz, Meliorasiya və su təsərrüfatı üzrə 23 faiz olması gələcəkdə bu sahədə daha sürətli dinamik inkişafa nail olmağa yetərlidir.
Mən sizin diqqətinizi kənd təsərrüfatı ilə əlaqədar vacib olan bəzi təkliflərimə cəlb etmək istərdim. Hazırda ölkəmizdə aparılan aqrar islahatlar nəticəsində xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq tam formalaşmış və möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bazar iqtisadiyyatına keçid dövrü başa çatmışdır. Bunu aqrar sahədə son illər əldə edilən uğurlu nəticələr də sübut edir. Artıq aqrar sahənin inkişafında yeni mərhələ başlanmışdır. Bu mərhələdə başlıca məqsəd məhsuldarlığı artırmaq, yeni texnika və texnologiyalar tətbiq etməklə rəqabət qabiliyyətli məhsullar istehsal etmək və xarici bazarlara çıxmaqdır.
Hesab edirəm ki, bu gün kənd təsərrüfatı məhsulları istehsalçıları arasında mövcud vəziyyət hökumət səviyyəsində araşdırılmalı və istehsalçıları narazı salan məsələlər qaydaya qoyulmalıdır. Əks təqdirdə biz növbəti illərdə bəzi məhsulların istehsalının kəskin azalması ilə üzləşə bilərik. Yaxşı olar ki, belə bir neqativ vəziyyətin baş verməməsi üçün müxtəlif kənd təsərrüfatı məhsullarının emalı məsələlərinin tikintisi nəzərdə tutulsun və gələcəkdə kənd təsərrüfatı kooperativlərinin mülkiyyətinə verilsin.
Bir sözlə, Avropa ölkələrində olduğu kimi, bizdə də kənd təsərrüfatı məhsulları istehsalçılarının özlərinin emal müəssisəsi, şəhərlərdə daimi satış yerləri və kredit təşkilatlarının olması yeni mərhələnin tələbidir. Məncə, bu məsələnin həllində dövlət dəstəyinə ehtiyac vardır. Bunu fermerlərin özləri də xahiş edirlər. Hökumət bu məsələlərdə lazımi köməklik göstərərsə, onlar məhsul istehsalı üçün büdcədən verilən subsidiyalardan imtina etməyə də hazır olduqlarını bildirirlər. Bu məsələnin həllində kənd təsərrüfatı məhsullarının satışında böyük təcrübəsi, lazımi maddi-texniki bazası və kadr potensialı olan “Azərittifaq”ın imkanlarından da səmərəli istifadə etməyin vaxtı çatmışdır. Yaxşı olar ki, bu məqsədlə büdcədən “Azərittifaq”a güzəştli şərtlərlə kredit ayrılsın və şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışı üçün dövlət sifarişi müəyyən edilsin. Bu, şəhər sakinlərini müntəzəm olaraq ucuz və keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları ilə etibarlı təmin etməklə yanaşı, məhsulun müxtəlif alternativ yollarla satışının təşkilinə, habelə daxili və xarici bazara rəqabətə davamlı məhsulun çıxarılmasına imkan verər, eyni zamanda, istehsalçılarda böyük stimul yaradar.
Kənd təsərrüfatında yeni texnika və texnologiyalar tətbiq etməklə rəqabətə davamlı məhsul istehsal etmək, məhsuldarlığı artırmaq və xarici bazarlara çıxmağı təmin etmək üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsi hesab olunur. Hazırda dünya ölkələrinin çoxunda satılan kənd təsərrüfatı və emal müəssisələrinin 80-100 faizi kənd təsərrüfatı kooperativlərinin payına düşür. Hesab edirik ki, belə kooperativlərin yaradılmasının sürətləndirilməsində dövlət dəstəyinə ehtiyac vardır. Bu məqsədlə kənd təsərrüfatı kooperasiyasına dair müvafiq qanunun və dövlət proqramının qəbul edilməsi, habelə həmin proqramın icrasına büdcədən vəsaitin ayrılması bu problemin həllinə yardım edərdi.
Kənd təsərrüfatında ən vacib tədbirlərdən biri də damazlıq və toxumçuluq işinin təşkilidir. Bu amili nəzərə alaraq, son vaxtlar xarici ölkələrdən dövlət vəsaiti hesabına damazlıq heyvanlar və toxum alınmasına və büdcədən subsidiya verilməsinə başlanılmışdır. Lakin xaricdən alınıb gətirilən damazlıq heyvanlar pərakəndə formada müvafiq zoobaytar xidməti, yem bazası və digər lazımi şəraiti olmayan xırda təsərrüfatlara verildiyindən bu heyvanlar arasında ölüm hallarına yol verilir və məhsuldarlığın artımında əsaslı dəyişiklik müşahidə olunmur. Bununla yanaşı, damazlıq heyvandarlığın yüksək peşəkarlıqla və həmin sahənin mütəxəssislər tərəfindən idarə olunması, damazlıq təsərrüfatlara müvafiq texniki və metodiki yardım göstərilməsi, bu məsələnin daim dövlət nəzarətində saxlanılması üçün Kənd Təsərrüfatı Nazirliyinin tərkibində damazlıq üzrə hər hansı formada xüsusi qurumun yaradılması məqsədəuyğun olardı. Hesab edirik ki, toxumçuluq işinin idarə olunmasında da belə bir qurumun yaradılmasına ehtiyac vardır. Yəni “çörəyi çörəkçiyə ver” misalı burada yerinə düşərdi.
Hörmətli həmkarlarım, 2010-cu il dövlət büdcəsi xərclərinin əvvəlki illərdən daha çox, yəni 26 faizinin sosial məsələlərə xərclənməsinin, ölkə iqtisadiyyatına 2009-cu ilə nisbətən 12,5 faiz çox investisiya qoyuluşunun nəzərdə tutulması onu göstərir ki, gələn ilin büdcəsi də, həmişə olduğu kimi, sosial yönümlü və investisiya tutumludur. Ona görə də mən bu layihənin qəbul edilməsinin lehinə səs verəcəyəm. Hörmətli həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media nümayəndələri! Şübhəsiz ki, hər bir dövlətin büdcə sənədi onun inkişafının göstəricisidir. Mən də o fikirdəyəm ki, müzakirəmizə təqdim olunan 2010-cu ilin büdcə layihəsi iqtisadi və maliyyə sənədi olmaqla yanaşı, həm də siyasi sənəddir. Həmkarlarım büdcə layihəsinin müsbət və mənfi tərəfləri ilə bağlı kifayət qədər arqumentlər səsləndirdilər.
Fürsətdən istifadə edərək, burada dəfələrlə səsləndirilən bir problemə diqqəti yönəltmək istəyirəm. Bu, ölkədə aztəminatlı sosial qrup olan jurnalistlərin mənzil problemləri ilə bağlıdır. Mənim bildiyimə görə, onlar jurnalistlərin tikinti kooperativini yaradıblar və bu məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı cənab Abutalıbovun qəbulunda olublar. Mer onlara binanın tikintisi üçün yer ayrılacağını vəd edib, amma bu günədək nəticə yoxdur. Ölkədə kütləvi informasiya vasitələrinin inkişafı üçün onsuz da maliyyə vəsaitləri ayrılır və büdcədə nəzərdə tutulur. Dövlət başçısının sərəncamı ilə kütləvi informasiya vasitələrinə dəstək göstərmək üçün Mətbuat Şurası yaradılıb. Məncə, bu vəsaiti artırmaqla çox ağır şərtlər altında fəaliyyət göstərən media nümayəndələrinin ev problemini həll etmək olar. Bütün dünyada jurnalistika ən azı futbol qədər prestijli sahə hesab olunur. Amma təəssüf ki, jurnalistlər bizdə hələ də qəpik-quruş hesabına yaşamağa və işləməyə məhkumdurlar. Aydındır ki, belə cüzi maaşla onların ipoteka kreditlərindən bəhrələnmək imkanları da aşağıdır.
Gələn ilin büdcə layihəsində İctimai televiziyaya ayrılan vəsaitə yenidən baxılmasını hörmətli hökumət üzvlərindən xahiş edirəm. İctimai televiziya cəmiyyətdəki bütün problemləri çiyinlərində daşıyan, ictimaiyyətin maraqlarına fədakarlıqla xidmət göstərən və seçki prosesinin bütün çətinliklərini daşıyan və bu sahədə, sözün əsl mənasında, üzümüzü ağ eləyən bir televiziyadır. Bu məsələyə diqqət yönəltməyi xahiş edirəm.
Büdcə layihəsində teatrlara 9 milyon, film çəkilişinə isə 6 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Gəlin, razılaşaq ki, bu çox kiçik bir məbləğdir. Doğrudur, paytaxtımızda teatr binaları, kinoteatrlar əsaslı təmir olunur və dövlət başçısının da bu sahəyə böyük diqqət və qayğısı var. Amma təmir olunmuş binaların səhnəsində səviyyəli tamaşa göstərmək üçün yaxşı pul lazımdır. Film çəkilişinə də həmçinin. Məsələn, maliyyə imkanları bizdən qat-qat aşağı olan Gürcüstanda bir filmin çəkilişinə 20 milyon dollar vəsait ayrılır. Amma bizdə film çəkilişinə büdcədən 6 milyon manat ayrılırsa, gəlin, razılaşaq ki, ortaya səviyyəli, keyfiyyətli bir film çıxarmaq çox çətin məsələdir.
Yeri gəlmişkən, mədəniyyət sahəsində çalışan insanların çox aşağı maaşla işlədiyini nəzərə alaraq, onların maaşlarına da yenidən baxılmasını xahiş edirəm. Gələn ilin büdcə layihəsi bizim bir gözləntimizi də doğrultmadı. Çünki biz təhsil və səhiyyə sahəsində işləyən insanların, eyni zamanda, təqaüdçülərin də pensiyalarının artırılmasını gözləyirdik. Təəssüf ki, bu öz əksini layihə sənədində tapmayıb. Mən arzu edərdim ki, bu məsələyə də baxılsın.
Yeri gəlmişkən, bölgələrimizdə inşa olunan və yüksək standartlara cavab verən diaqnostika mərkəzləri ilə bağlı məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Siz bilirsiniz ki, bizim regionlarımızda Avropa standartlarına cavab verən diaqnostika mərkəzləri açılıb və müasir tibb avadanlıqları yerləşdirilib. Amma regionlarda həmin avadanlıqlarla işləyə bilən, onlardan istifadə eləyən mütəxəssislərimiz, demək olar ki, yox dərəcəsindədir. Mən arzu edərdim ki, gələn ilin büdcə layihəsində bu məsələyə də diqqət yetirilsin. Bizim həkimlərimizin gedib xarici ölkələrdə təhsil alıb həmin müasir avadanlıqlardan istifadə qaydalarını öyrənməsi və sonradan işləməsi vacib və əhəmiyyətlidir.
Məndən öncə çıxış eləyən həmkarlarımın – hörmətli Nazim Məmmədovun və Fəzail Ağamalının qaldırdığı məsələyə də diqqətinizi yönəltmək istəyirəm. İstərdim ki, onların bu təklifi qəribçiliyə salınmasın. Doğrudan da, paytaxtımızda elə səhmdar cəmiyyətlər var ki, onlar bütünlüklə dövlət büdcəsinin üzərində yük olaraq qalmaqdadır. Həmin müəssisələri özəlləşdirməklə və özəlləşmədən gələn vəsaiti də büdcəyə yönəltməklə biz büdcə kəsiri problemini həll eləyə bilərik. Bildiyimə görə bu ilin dövlət büdcəsində həmin müəssisələrin saxlanması üçün 64,5 milyon manat vəsait ayrılıb. Təbii ki, bu məbləğ kifayət qədər böyük bir rəqəmdir. Həmin müəssisələri özəlləşdirməklə onlara ayrılan vəsaiti və özəlləşmədən gələn vəsaiti, eyni zamanda, həmin müəssisələrdə işçi kadrların saxlanması üçün ayrılan vəsaiti daha vacib sahələrə yönəltmək mümkündür. Deputatların, millət vəkillərinin də statusuna uyğun olaraq, onların təminatına həmin vəsaiti yönəltmək mümkündür.
Bundan başqa, hörmətli həmkarım Zahid Orucun da bir təklifini dəstəkləmək istəyirəm. Dünənki çıxışında o, belə bir təklif verdi ki, işğal altında olan, ümumiyyətlə, cəbhə bölgəsində yerləşən rayonlarımızla bağlı, – Qarabağ problemi həllini tapmayana qədər, – ayrıca Qarabağ inkişaf proqramı yaradılsın. Bu proqram sayəsində həmin bölgələrdəki problemlərə diqqət yönəltmək olar. Mən düşünürəm ki, bu çox vacib və əhəmiyyətli bir məsələdir. Mən də dəfələrlə büdcənin müzakirəsində bu məsələni qaldırmışam ki, cəbhə bölgəsində, sərhəd bölgəsində yerləşən rayonları digər rayonlardan fərqləndirmək lazımdır. Onların problemlərinə daha diqqətlə, daha həssaslıqla yanaşmaq lazımdır.
Təmsil etdiyim Tərtər rayonunda olan problemləri dəfələrlə hökumət nümayəndələrinin nəzərinə çatdırmışam. Digər həmkarlarımın da qeyd etdikləri kimi, bunlar məktəb tikintisi, yol və su çəkilişi ilə bağlı problemlərdir. Mən dəfələrlə aidiyyəti orqanlara, o cümlədən Təhsil Nazirliyinə müraciət eləmişəm. Hətta dəfələrlə Baş nazirə həm şifahi, həm də yazılı şəkildə müraciət eləmişəm. Bizim rayonumuzda məktəb tikintisi ilə bağlı ciddi problemlər var. Əsaslı təmirə ehtiyacı olan, yenidən tikilməsi vacib olan məktəblərimiz var və əksər məktəblərdə məcburi köçkünlər məskunlaşıb. Təsəvvür eləyin, məktəb binasının yarısında məcburi köçkünlər yaşayırlar, yarısında uşaqlar dərs keçirlər. Həmin məktəblərin həyətində məcburi köçkünlərin mal-heyvanı otlayır. Təbii ki, belə bir şəraitdə yüksək təhsildən, keyfiyyətli təhsildən danışmaq çətindir. Mən arzu edərdim ki, bu məsələyə ciddi diqqət yetirilsin. Hər dəfə müraciət edəndə onlar mənə deyirlər ki, bu məsələ dövlət proqramına salınıb. Amma konkret olaraq hansı müddətdə, hansı ildə əməl olunacaq, icra ediləcək, bəlli deyil. Bəlkə bu məsələ 2030-cu ilə qədər uzanacaq? İnsanlar bu şəraitdə yaşamalıdırlarmı?
Mən diqqətinizi başqa bir vacib məsələyə yönəltmək istəyirəm. Bu da bizim kənd yollarımızın vəziyyəti ilə bağlıdır. Təsəvvür eləyin, Bakı şəhərindən Tərtər rayonuna getmək daha asandır, nəinki Tərtərin bir kəndindən o biri kəndinə getmək. Yollar həddindən artıq bərbaddır. Mən çox xahiş edərdim ki, növbəti ilin büdcə layihəsində sərhəd rayonlarında yerləşən kənd yollarının bərpası üçün, təmiri üçün mütləq vəsait ayrılsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Vasif Əliyev.
V. Əliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün biz 2010-cu ilin dövlət büdcəsini müzakirə edirik. Şəxsən öz fikrimi bildirmək istəyirəm ki, dövlət büdcəsi çox yüksək səviyyədə işlənib hazırlanmışdır. Balanslaşdırılmış metod tətbiq etməklə hazırlanan 2010-cu ilin dövlət büdcəsi bu gün Azərbaycan xalqının bütün tələblərinə cavab verir.
Mən bir neçə məqama aydınlıq gətirmək istəyirəm. Həmkarlarımın bəziləri deyirlər ki, büdcə tamamilə neft amili üzərində işlənib hazırlanmışdır. Mən onların nəzərinə bir məqamı çatdırmaq istəyirəm. Neft hasil edən bütün dünya ölkələri büdcələrini yalnız neft amili üzərində qururlar. Ondan sonra qeyri-neft sektorunun inkişafını mərhələlərlə davam etdirirlər. Son beş ildə bizim neft amili gəlib 50–52 faizə düşüb. Qalanların hamısı qeyri-neft sektorunun inkişafı ilə əlaqədar inkişaf edir. Bu onu göstərir ki, bizim hörmətli Prezidentimiz cənab İlham Əliyev qeyri-neft sektoruna daha çox böyük vəsaitin ayrılmasını nəzərdə tutur. Dünyada hökm sürən maliyyə böhranı çərçivəsində 2010-cu il üçün ayrılan vəsait, mənə elə gəlir ki, Azərbaycan xalqını qane edir. Ona görə də 2010-cu il üçün tərtib olunan büdcə bütün suallara cavab verir. Bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm. Ulu öndərimiz vaxtilə demişdir ki, neft və qaz Azərbaycan xalqının sərvətidir. Əgər Azərbaycan xalqının sərvətidirsə, deməli, büdcə bunu nəzərə almalıdır və alır da.
Mən deyərdim ki, deputat seçildiyim Astara rayonunda son beş ildə çox işlər görülüb. Astarada qaz tamamilə bərpa olunub, əvvəllər hansı yerlərə verilibdirsə, həmin yerlərdə də qaz bərpa olunub. Hazırda ucqar kəndlərə qazın verilməsi üçün Dövlət Neft Şirkəti tərəfindən planlaşdırılmış şəkildə hazırlıq işləri görülür. Amma enerjidə problem yoxdur. Ona görə ki, cənab Prezidentin tapşırığı ilə 2006-cı ilin əvvəlində tikilib istifadəyə verilən modul tipli elektrik stansiyası nəinki Astaranın, hətta cənub bölgəsindəki beş rayonun elektrik enerjisi ilə təchizatını kökündən yaxşılaşdırmışdır. Görün, Astarada nə qədər kəndlərdə paylayıcı transformatorlar dəyişdirilib.
Bütün bu işlərin hamısı büdcədən ayrılan vəsait hesabına yerinə yetirilir və öz bəhrəsini verir. Gəlin, başqa bir məsələyə toxunaq. Hörmətli Prezidentimizin qayğısı nəticəsində son beş ildə çoxlu sayda məktəb tikilmiş və ya əsaslı təmir olunmuşdur. Heydər Əliyev Fondunun hesabına Astarada bir neçə məktəb yenidən tikilmiş, avadanlıqla təchiz olunmuşdur. Keçən ilin sonunda təhsil naziri cənab Misir Mərdanovla Astarada məktəblərin vəziyyəti ilə tanış olanda o da gördü ki, doğrudan da, yeni məktəblər tikilib, istismara verilib. Bu, təqdirəlayiqdir. Məktəblərin əsaslı təmiri də davam etdirilir. Eyni zamanda, bir neçə məktəb də əsaslı təmir olunur, avadanlıqla təchiz olunur. Ona görə də Astara əhalisi şəxsən büdcənin belə formada tərtib olunmasının tərəfdarıdır və onu dəstəkləyir. Mən də bunları nəzərə alaraq bu büdcənin qəbul olunmasına səs verəcəyəm.
Astarada yeganə problem yalnız xəstəxana ilə bağlıdır. İstərdim, bizim hörmətli səhiyyə nazirindən soruşum, 1973-cü ildən istismarda olan xəstəxananın əsaslı təmiri və avadanlıqla təchiz olunması nəzərdə tutulurmu? Yoxsa yeni xəstəxananın tikilməsinə ehtiyac var? Çox xahiş edərdim ki, hansı variantın qəbul olunmasını Səhiyyə Nazirliyi bizə başa salsın. Çıxışımın sonunda mən bu büdcənin qəbul olunmasının tərəfdarıyam və deputat həmkarlarımdan da xahiş edirəm ki, büdcənin qəbul olunmasına səs versinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri! 2010-cu il üçün Azərbaycanın dövlət büdcəsi layihəsi həm cəmiyyətdə, həm də ekspertlər arasında ciddi marağa səbəb olub. Ümumən götürəndə hamı layihənin balanslaşdırılmış, elmi əsası olan və günün tələblərinə cavab verən bir sənəd olduğu qənaətinə gəlir.
Prinsipcə gələn ilin büdcəsini 2009-cu il büdcəsinin, yəni antiböhran büdcəsinin davamı kimi qəbul etmək olar. 2009-cu ilin büdcəsi dünya böhranının birinci zərbəsinə davam gətirə bildi, onun ağır fəsadları Azərbaycandan, əsasən, yan keçdi. Hökumətin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində həm ölkənin sosial-iqtisadi inkişafını təmin edə bildik, həm də qlobal böhran şəraitində Azərbaycanın iqtisadi durumunu, onun iqtisadi inkişafını təmin edə bildik. Bu baxımdan 2009-cu ildə əsası qoyulan prinsiplərin 2010-cu ildə də davam etdirilməsi çox təqdirəlayiqdir. Həmin prinsiplərin 2010-cu ildə də antiböhran funksiyasını, eyni zamanda, sosial-iqtisadi inkişaf tempini saxlamaq funksiyasını yerinə yetirəcəyinə şübhə yoxdur.
2010-cu ilin büdcəsində bütün sahələr, bütün perspektivlər, əsasən, dövlətin imkanları hesabına nəzərə alınıb. Əgər əvvəlki illərin büdcələrinin müzakirəsinə nəzər salsaq, görərik ki, bir neçə xarakterik problem var idi və həmin məsələ, demək olar, hər bir deputatın çıxışında səslənir, həmçinin hökumətdən onun həllinə yardım edilməsi xahiş olunurdu. Ancaq ardıcıl görülən tədbirlər nəticəsində bu gün həmin problemlər səslənmir, sanki yaddan çıxıbdır. Hesab edirəm ki, bunun özü də müsbət haldır. Əvvəllər tez-tez bu və ya digər bölgədə elektrik enerjisinin qıtlığı və ya kəsilməsi barədə problemlər səslənirdi. Ancaq görülən tədbirlər nəticəsində bu gün elektroenergetika sahəsində böyük işlər görülüb. Azərbaycanın elektrik enerjisi gücü 5 min meqavatdan artıq 6 min meqavata çatmışdır. Görülən tədbirlər nəticəsində yeni elektrik stansiyalarında hər kilovat-saata sərf edilən şərti yanacaq vahidi 300–400-dən artıq 180-200-ə düşmüşdür.
Əvvəllər tez-tez bu və ya digər bölgədə məktəb çatışmazlığı, məktəbin təmiri ilə bağlı məsələlər qaldırılırdısa da, görülən tədbirlər nəticəsində dövlətin, eyni zamanda, deputat həmkarımız hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun birbaşa fəaliyyəti nəticəsində Azərbaycanın bölgələrində çoxsaylı məktəblər tikilmiş və təmir edilmişdir. Azərbaycanın bu ağrılı problemi də, demək olar ki, həll edilmiş, bu istiqamətdə böyük işlər görülmüşdür. Eyni sözləri magistral yolların çəkilməsi, abadlıq işlərinin aparılması, yerlərdə sahibkarlığın inkişafı ilə bağlı da demək olar. Amma bu o demək deyil ki, bütün problemlər tamamilə həll edilmiş və Azərbaycan bu gün inkişaf etmiş ölkələr səviyyəsinə çatmışdır. Bununla yanaşı, Azərbaycan qarşısına qoyduğu məqsədi, keçid dövrünü artıq bitirmiş və inkişafın tamamilə keyfiyyətcə yeni bir mərhələsinə çıxmışdır.
Hörmətli Prezidentimizin bu günlərdə Bakı Dövlət Universitetinin 90 illik yubileyində keçid mərhələsinin başa çatması ilə bağlı verdiyi bəyanatın həm iqtisadi, həm də siyasi əsası vardır. Yəni bu artıq iqtisadi cəhətcə inkişaf edən, siyasi prioritetləri məlum olan və kifayət qədər nüfuz qazanmış olan bir Azərbaycanın dünya birliyində yer tutduğunu, habelə bundan sonra da prioritetlərini aydın göstərəcəyini bir daha bəyan etdi. Qeyd edim ki, 2010-cu ilin büdcəsində təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı xərclərin ötən ilki səviyyədə saxlanmasını mən çox müsbət bir addım hesab edirəm.
Bu gün Azərbaycanın qarşısında xeyli sayda problem olmasına baxmayaraq, bir nömrəli problem Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın işğaldan azad edilməsidir. Bu istiqamətdə danışıqlar gedir və Azərbaycan dövlətinin, şəxsən onun Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi nəticəsində problem Azərbaycanın xeyrinə tədricən həll edilməkdədir. Ancaq bununla belə, müasir güclü ordu amili Ermənistanı bu danışıqlarda Azərbaycanın mövqeyini qəbul etməyə məcbur etmişdir. Bu baxımdan gələn il də müdafiə xərclərinin builki səviyyədə saxlanılmasını mən düzgün hesab edirəm. Bu, büdcənin ən prioritet, ən düzgün məsələlərindən biri sayıla bilər.
Bununla belə, büdcə layihəsinə bir neçə təklifim vardır ki, hökumət üzvlərinin onu nəzərə almasını xahiş edərdim. Birincisi, gələn il Sahibkarlığa Yardım Fonduna təqribən 40 milyon manatdan artıq vəsait ayrılır. Əvvəlki illərdə ayrılmış vəsaitin də geri qayıtması nəzərə alınsa, bu məbləğ təxminən 100 milyon manata yaxın olacaq. Bu tamamilə düzgündür. Amma biz hesab etməməliyik ki, sahibkarlıq yalnız yeni sahibkarları cərgəsinə qoşmaqla inkişaf etdiriləcək. Mən hesab edirəm ki, keçən il, yaxud əvvəlki illərdə həmin fonddan vəsait alan sahibkarlar artıq öz istehsalını genişləndirmiş və indi yeni iş yerləri yaratmaq arzusundadırlar. Bu baxımdan onların da istəklərini nəzərə alaraq, habelə sahibkarlığın kiçik və orta sahibkarlığın inkişafından başladığını nəzərə alaraq, Sahibkarlığa Yardım Fonduna ayrılan vəsaitin artırılmasını təklif edirəm.
Digər təklifim isə seçildiyim Mingəçevir regionu ilə bağlıdır. Mingəçevirdə 20 orta təhsil müəssisəsi və 20-yə qədər uşaq bağçası var. 1992–1993-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində, həmçinin cəbhə xəttinə yaxın olduğuna görə Mingəçevir 100 min əhalisi olmasına baxmayaraq, 20 minə qədər qaçqını qəbul etdi. Həmin qaçqınların böyük əksəriyyəti bu gün Mingəçevirin orta məktəblərində və uşaq bağçalarında məskunlaşıblar. Əlbəttə, hər bir qaçqına diqqət göstərmək, onların sosial problemlərini həll etmək hər bir dövlətin, ümumilikdə, hər bir vətəndaşın, hər bir regionun vəzifəsidir. Amma hesab edirəm ki, artıq dövlətimiz öz inkişafında elə mərhələyə çatıb ki, orta məktəblərdə, uşaq bağçalarında məskunlaşan qaçqınları kommunal şəraiti olan qəsəbələrə köçürmək olar və əslində, buna böyük ehtiyac var. Bu gün Mingəçevirdəki 20 orta məktəbin hamısında qaçqın var. Şübhəsiz ki, onların həm məişət şəraitləri dözülməzdir, həm də onlar təhsil prosesinə ciddi təsir edirlər. Bu baxımdan “Qaçqınkom”dan Mingəçevirdəki təhsil müəssisələrindən, uşaq bağçalarından qaçqın ailələrinin yeni şəhərciklər salınaraq abad evlərə köçürülməsi məsələsini diqqətlə nəzərdən keçirməsini xahiş edirəm.
İkinci qaldıracağım məsələ Mingəçevirdəki Politexnik İnstitutu ilə bağlıdır. Mingəçevir Politexnik İnstitutu Azərbaycanda az sayda olan texniki universitetlərdən biridir. Eyni zamanda, bu gün özünün göstəriciləri ilə elm, təhsil sahəsində özünə hörmət qazanmış əyalət universitetlərindən hesab olunur. Son dövrlərdə Bakıdan ali təhsil ocaqlarının əyalətlərə köçürülməsi və ümumən, bu yolla Bakının müəyyən dərəcədə əhalisinin sayını azaltmaq təklif olunur. Bu məsələdə ən düzgün yollardan biri əyalət universitetlərinin səviyyəsinin qaldırılması, onların maddi-texniki bazasının yüksəldilməsidir. Bu gün Mingəçevir Politexnik İnstitutunda 6 nəfər elmlər doktoru və xeyli sayda, təəssüf ki, rəqəm yadımdan çıxdı, elmlər namizədi çalışır. Onun buraxdığı mütəxəssislər təkcə Mingəçevirə deyil, bütün ölkəyə gərəkdir. Təəssüf ki, həmin ali məktəb də bu gün Mingəçevirin orta məktəblərinin birinin korpusunda yerləşir. Ona görə də hökumətdən Mingəçevir Politexnik İnstitutu üçün yeni bir binanın tikilməsi və onun tələbə qəbulunun sayını artıraraq gələcəkdə möhtəşəm universitetlərdən birinə çevrilməsinə yardımçı olmasını xahiş edirəm.
Ümumən, layihənin düzgün hazırlandığını, günün tələblərinə cavab verdiyini, Azərbaycanın həm makroproblemlərini, həm də sosial problemlərini həll edəcəyini vurğulayıram. Bu baxımdan həmin sənədə səs verəcəyimi bildirirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Süleymanov.
T. Süleymanov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikası son illər özünün ən sürətli inkişaf dövrünü yaşamaqdadır. Azərbaycanın iqtisadiyyatı günü -gündən inkişaf edir, ordu quruculuğu davam etdirilir. Azərbaycan Respublikası regionda ən güclü iqtisadiyyata və ən güclü ordulardan birinə malik olan ölkəyə çevrilir. Bu tərəqqinin əldə olunmasında dahi şəxsiyyət, təkrarolunmaz insan, Azərbaycan xalqının ümummilli lideri cənab Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. Heydər Əliyevin qeyd etdiyi kimi, güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir. Əslində, ümummilli liderimiz öz siyasətini məhz iqtisadiyyatın güclənməsinə yönəltmişdi. Bu siyasəti indiki dövrdə onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük səylə davam etdirməkdədir.
Məhz bu uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan dünya ölkələri arasında öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. İqtisadi inkişaf baxımından dünyanın inkişaf etmiş dövlətlərini də geridə qoymuşuq. Hətta bu uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Beynəlxalq Valyuta Fondunun mütəxəssislərinin fikrincə, MDB dövlətləri arasında Azərbaycanda qlobal iqtisadi böhranın təsiri o qədər də hiss edilməmişdir. Qlobal rəqabət indeksində və Dünya İqtisadi Forumu tərəfindən Azərbaycan 133 ölkə arasında 51-ci yerdə göstərilmişdir. Bu sahədə Azərbaycan Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Ermənistanı da geridə qoymuşdur.
Azərbaycanın iqtisadi inkişafı öz əksini 2010-cu il dövlət büdcəsi layihəsində də tapmışdır. Belə ki, büdcə layihəsinə 2008-ci illə müqayisədə 2010-cu ildə Dövlət Neft Fondundan daxilolmaların 29,3 faiz artacağı gözlənilir. Eyni zamanda, digər mənbələrdən dövlət büdcəsinə daxilolmaların da həcmi ötən illərlə müqayisədə artacaqdır. Sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, daxili istehsal üzrə aksiz vergisi və sair bu kimi daxilolmalar hesabına da büdcənin artacağı gözlənilir. Bütün bunlar hamısı ölkədəki iqtisadi inkişafdan və sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən xəbər verir.
Büdcə layihəsində Azərbaycan Respublikasının dövlət qulluqçularına, təhsilə, səhiyyəyə, müdafiə sahəsinə diqqət və qayğı göstərildiyi də öz əksini tapmışdır. Təhsil sahəsində ayrılan vəsaitin 2008-ci illə müqayisədə 30,5 faiz, ali təhsilə ayrılan vəsaitin 64,9 faiz, təhsil sahəsində tətbiqi tədqiqatlarla bağlı vəsaitin 66,6 faiz artması nəzərdə tutulmuşdur. Eyni zamanda, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklə təmin olunması üçün xərcin həcmini 2009-cu illə müqayisədə 2,3 faiz artırmaq nəzərdə tutulur. Bütün bu artımları nəzərə alsaq, Azərbaycan hökumətinin təhsilə göstərdiyi qayğının bir daha əyani şahidi olarıq.
Səhiyyə sistemi üçün nəzərdə tutulan vəsaitin həcmi 2008-ci illə müqayisədə 38,5 faiz, ayrı-ayrılıqda tibb mərkəzləri üçün xərclər 35,1 faiz, xəstəxanalar üçün 29,5 faiz, səhiyyə sahəsində tədqiqatlar üçün xərclərin həcmini isə 48,3 faiz artırmaq nəzərdə tutulmuşdur. 2010-cu ilin dövlət büdcəsində sosial müdafiəyə ayrılan vəsaitin 2008-ci illə müqayisədə 42,5 faiz, sosial təminata ayrılan vəsaitin isə 76,3 faiz artırılması nəzərdə tutulur.
Azərbaycan hökumətinin diqqətindən ölkənin müdafiəsi ilə bağlı məsələlər də nəzərdən qaçmamışdır. Belə ki, müdafiə qüvvələri ilə bağlı ayrılan vəsait 2009-cu illə müqayisədə 23,9 faiz, Müdafiə Nazirliyinə ayrılan vəsait 2008-ci illə müqayisədə 8,8 faiz, Dövlət Sərhəd Xidmətinə ayrılan vəsait 2009-cu illə müqayisədə 15,5 faiz, milli təhlükəsizlik ilə bağlı ayrılan vəsaitin isə 2009-cu illə müqayisədə 16,7 faiz artırılması nəzərdə tutulmuşdur. Qeyd olunan statistik məlumatları nəzərə alsaq, bir daha onun şahidi oluruq ki, Azərbaycan hökuməti ölkədə bütün fəaliyyət sahələrinin inkişafı naminə, əhalinin həyat şəraitinin, sosial təminatının yaxşılaşdırılması üçün, müharibə şəraitində olan dövlətin hərtərəfli inkişafı üçün əlindən gələni əsirgəmir və bunun üçün bütün səylərini səfərbər etmişdir. Ümumilikdə mən bu büdcə layihəsinə səs verəcəyəm və həmkarlarımı da bu layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Davam edirik. Musa Quliyev.
M. Quliyev. Hörmətli cənab Sədr, hörmətli xanımlar və cənablar! 2010-cu ilin dövlət büdcəsi ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına uyğun, eyni zamanda, böhran dövrünün təzahürləri nəzərə alınmaqla, gələn il xalqımızın sosial rifah halının yaxşılaşdırılmasına yönələn layihələrin həyata keçirilməsinin maliyyə təminatı hesablanmaqla hazırlanan kifayət qədər mükəmməl qanun layihəsidir. Mən büdcə zərfinin hazırlanmasında zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Eyni zamanda, büdcə layihəsi barədə mükəmməl təhlilə əsaslanan rəyinə görə Hesablama Palatasının zəhmətini də yüksək qiymətləndirirəm.
Cənab Prezident İlham Əliyevin çox doğru olaraq qeyd etdiyi kimi, böhran ilində Azərbaycan böhrandan ən az əziyyət çəkən ölkələrdən biri kimi tarixə düşdü. Bunun əsas səbəbi cənab Prezidentin rəhbərliyi altında Azərbaycan hökumətinin reallığa uyğun apardığı düzgün siyasətdir. Məhz həmin siyasətin davamı olaraq, 2010-cu ilin büdcəsi də gələn ilin reallıqlarına uyğun olaraq hazırlanmışdır.
Büdcənin gəlir hissəsi ilə bağlı bir məsələyə toxunmaq istəyirəm. Bu məsələ haqqında məndən öncə çıxış edən deputat yoldaşlarım da danışdılar. Yerli gəlirlərin xüsusi çəkisinin artırılması imkanları barədə hökumətimiz ətraflı araşdırmalar aparmalıdır. Regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirildiyi bir vaxtda bir çox regionlarda, xüsusilə Gəncə, Lənkəran, Bərdə, Kürdəmir kimi böyük potensialı olan rayonlarda yerli gəlirlərin ötən illə müqayisədə azalmasını başa düşmək olmur. Eyni şəraitə malik Xaçmaz, Şəmkir, Ağcabədi və sair rayonlarda yerli büdcə 10 faizdən çox artırsa, bu təcrübə öyrənilməlidir və yayılmalıdır. 2010-cu ilin dövlət büdcəsi layihəsində bəzi investisiya tutumlu xərclər azalsa da, sosial yönümlü xərclərin artaraq büdcənin 34,4 faizini, yaxud 3,9 milyard manat təşkil etməsini təqdirəlayiq hal hesab edirəm. Bu fakt bir daha göstərir ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti əhalinin sosial müdafiəsini öz siyasətinin prioritet istiqaməti kimi hər şeydən üstün tutur.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, sosial yönümlü xərclərin ümumi artımı fonunda bu sahədə bəzi azalmalar narahatlıq doğurur və izahat tələb edir. Məktəbəqədər və ibtidai məktəb bölməsindəki xərclər cari ildəkindən 15 milyon manat az planlaşdırılır. Başqa sözlə, gələn il məktəbəqədər müəssisələrdə bir uşağa düşən təhsil xərcləri 23,2 manat azalacaqdır. Dövlət uşaq bağçalarının vəziyyətinin o qədər də qənaətbəxş olmadığı bir zamanda bu sahəyə ayrılan xərclərin azaldılmasını məqsədəuyğun hesab etmirəm.
Səhiyyə xərclərinin cari ilə nisbətən artaraq büdcə xərclərinin 4,3 faizini təşkil etməsi, səhiyyədə yerli xərclərin xüsusi çəkisinin çoxalması, doqquz sosial-ictimai əhəmiyyətli xəstəliyin proqramlar üzrə maliyyələşdirilməsi büdcə layihəsində təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, ana və uşaqların sağlamlığının qorunması və yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə tədbirlər proqramlarının hər birinin 2 milyon manat azaldılması ilə razılaşmaq olmaz. Bu dörd milyon manata nə büdcə kəsiri azalan deyil, nə də hökumət varlanan deyil. Amma bu vəsaitlə minlərlə insanın vaksinasiyasını həyata keçirmək olar.
Son illərdə səhiyyənin maddi-texniki bazası xeyli güclənmiş, həm paytaxtda, həm də regionlarda onlarla müasir müalicə-diaqnostika mərkəzləri yaradılmışdır. Ən yeni nəsil tibbi avadanlıqlarla təchiz edilmiş bu mərkəzlərdə müasir tibbi texnologiya ilə davrana bilən rəqabət qabiliyyətli həkim və orta tibb personalı çatışmır. Tibb kadrlarının xarici ölkələrdə təcrübə keçməsi və təhsil alması üçün büdcədən yetərli vəsait nəzərdə tutulmasını xahiş edirəm.
Artıq dörd ildir ki, aztəminatlı vətəndaşların sosial müdafiəsinin yeni bir modeli – ünvanlı sosial yardım sistemi ölkəmizdə çox uğurla tətbiq olunur. Bu sahədə kifayət qədər təcrübə toplanmış və ildə 800 minə yaxın insan ünvanlı dövlət yardımı ilə əhatə edilmişdir. Gələn ilin büdcə layihəsində ünvanlı sosial yardım xərcləri bu ilin proqnoz göstəricisi səviyyəsində, yəni 210 milyon manat həcmində nəzərdə tutulmuşdur. Bu yetərli vəsait deyildir. Məlumdur ki, cari ildə ünvanlı sosial yardım üçün ayrılan vəsait ehtiyacı olanların hamısını əhatə etmədi və bəzi bölgələrdə ünvanlı sosial yardımın ödənilməsində gərginlik yarandı. Eyni zamanda, nəzərə alsaq ki, gələn il həm yaşayış minimumunun, həm də ehtiyac meyarının yüksəlməsi səbəbindən ünvanlı sosial yardım üçün müraciət edənlərin sayı builkindən artıq olacaq, onda bu məbləğin ən azı 250 milyon manata çatdırılması imkanları üzərində düşünmək lazımdır.
Milli qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini gücləndirmək məqsədilə 2010-cu ildə büdcə layihəsində builki qədər, yəni 2,8 milyon manat vəsait nəzərdə tutulmuşdur. Nəzərə almaq lazımdır ki, ölkəmizin qeyri-hökumət təşkilatları sektoruna hər il müxtəlif ölkələrin fond və təşkilatları tərəfindən 15 milyon manata qədər qrant şəklində vəsait ayrılır və bu donorların çoxunun Azərbaycanda qeyri-səmimi maraqları var. Onda QHT-lərə dövlət dəstəyini ilbəil gücləndirərək, milli QHT-lərimizin qeyri-milli donorlardan asılılığını minimuma endirməyin strateji əhəmiyyəti bir daha önə çıxır.
Qeyri-hökumət təşkilatlarından danışarkən bir məsələni də vurğulamaq istəyirəm. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi məqsədilə ayrılmış 2,8 milyon manat həcmində dövlət vəsaiti qrant şəklində təxminən 250 təşkilata verilsə də, həmin vəsaitin xərclənməsinin auditinin aparılması üçün vəsait nəzərdə tutulmamışdır. Fikrimcə, bu çox ciddi boşluqdur və QHT-lərin fəaliyyətinin auditinin aparılmasının iqtisadi və hüquqi təminatları yaradılmalıdır.
Səhiyyə ilə bağlı bir təklifimi də söyləyərək fikrimi yekunlaşdırmaq istəyirəm. Hörmətli hökumət üzvlərinin nəzərinə bir məsələni çatdırmaq istəyirəm ki, 2007-ci ilin sonunda Tarif Şurası İqtisadi İnkişaf Nazirliyinin əsaslandırılmamış təklifi əsasında tibb və əczaçılıq fəaliyyətinin lisenziya rüsumunu 220 manatdan 5500 manata qaldırdı. Bununla da Azərbaycanda xüsusilə özəl tibb fəaliyyətinin kənd yerlərində inkişafına ciddi zərbə vuruldu. Son iki ildə kənd rayonlarında özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün, demək olar ki, təşəbbüs göstərilmir. Mən hörmətli İqtisadi İnkişaf Nazirliyindən və hörmətli Səhiyyə Nazirliyindən xahiş edərdim ki, tibb və əczaçılıq fəaliyyətinin lisenziya məsələsinə təzədən baxsın və bu rüsumlar ağlabatan səviyyəyə endirilsin.
Çıxışımın sonunda bir daha bildirmək istəyirəm ki, 2010-cu ilin büdcəsi milli iqtisadiyyatımızın inkişafı üçün ciddi iqtisadi baza yaradacaqdır. Büdcə layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da büdcə layihəsini dəstəkləməyə çağırıram. Gələn ildə hökumətimizə uğurlar, xalqımıza sosial rifah arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafiq Məmmədhəsənov.
R. Məmmədhəsənov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli deputatlar və hörmətli hökumət üzvləri! Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında qanun layihəsi ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti, eləcə də iqtisadi siyasəti, eyni zamanda, beynəlxalq iqtisadi böhranı nəzərə almaqla tərtib olunmuşdur.
Qeyd etmək lazımdır ki, bu dövrdə respublikanın iqtisadiyyatında ümumi daxili məhsul istehsalının həcmi artıb, qeyri-neft sektoru inkişaf edib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı tamamilə yerinə yetirilmişdir. Beynəlxalq böhran şəraitində bunu müsbət hal kimi qiymətləndirmək lazımdır.
Dövlət büdcəsində elm, təhsil, səhiyyə, mədəniyyət və idman xərcləri ümumi büdcənin 18 faizini təşkil edərək, 2009-cu illə müqayisədə 0,6 faiz artmışdır. Təhsil xərcləri üçün 1 milyard 267,7 milyon manat ayrılmışdır ki, bunun da dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,3 faizdir. Bu isə 2009-cu illə müqayisədə 0,3 faiz çoxdur. Elmə ayrılan xərclər 98,2 milyon manat təşkil edir ki, bu da büdcə xərclərinin 0,9 faizi deməkdir. Cənab Prezident tərəfindən Azərbaycan Milli Elm Fondunun yaradılması çox təqdirəlayiq haldır və həmin fonda 7 milyon manat ayrılmışdır.
2010-cu il dövlət büdcəsində səhiyyə xərcləri üçün 479,4 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bunun da büdcə xərclərinin tərkibində xüsusi çəkisi 4,3 faiz təşkil edir. Bu isə 2009-cu illə müqayisədə 0,2 faiz çoxdur. 2010-cu ildə səhiyyə xərcləri üçün ayrılan vəsaitin 79,4 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə yönələcəkdir. 2010-cu ilin dövlət büdcə layihəsində 9 dövlət proqramının maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Bunlar xronik böyrək çatışmazlığı, hemofiliya və talassemiya, irsi qan xəstəlikləri, onkoloji xəstələrin şiş əleyhinə əsas dərman preparatları ilə təminatı, şəkərli diabet üzrə dövlət proqramları və sairdır.
Qeyd etmək lazımdır ki, şəkərli diabet üzrə dövlət proqramına 8 milyon manat vəsait ayrılmışdır. Bu vəsait kifayət edir. Lakin şəkərli diabet xəstələrinə verilən şəkərsalıcı dərmanlar Bakı şəhəri üzrə mərkəzləşdirilmiş qaydada, yəni bir mərkəzdən paylanır. Lakin rayonlarda bu işi ümumi səhiyyə bölməsi və maliyyə bölməsi aparır. Təklif edirəm ki, bu iş bütün respublika üzrə Səhiyyə Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılsın, yaxud diabetə ayrılan vəsait rayonlarda ayrıca paraqrafla göstərilsin ki, buna da nəzarət etmək mümkün olsun. Xəstəyə dərman çatmayanda yerlərdə haqlı narazılıq yaranır.
Bir qədər də həkim kadrları haqqında. Bilirsiniz ki, respublikanın özündə kifayət qədər savadlı, peşəkar həkim kadrları var. Lakin regionlarda bu kadrlara daha çox ehtiyac var. Hazırda Səhiyyə Nazirliyi gənc həkimləri xarici ölkələrə göndərir və bu da təbabətin müxtəlif sahələrini əhatə edir. Ona görə də bir qədər səbir etmək lazımdır. Qısa müddətdən sonra həmin savadlı, ixtisaslaşmış həkimlər respublikaya qayıdıb öz fəaliyyətlərini davam etdirəcəklər.
Bir qədər də seçildiyim Gədəbəydən danışmaq istəyirəm. Bilirsiniz ki, Gədəbəy kartofçuluq rayonudur və burada keçən il də, bu il də bol məhsul yetişdirilmişdir. Lakin əhali həmin kartof məhsulunu saxlaya bilmir. Ona görə də kartof məhsulu zay olur, aradan çıxır, sata da bilmirlər. Ona görə də təklif edirəm ki, kənd təsərrüfatı naziri orada kartof anbarları tikmək haqqında fikirləşsin.
Digər tərəfdən cənab Prezidentin fərmanı ilə Azərbaycanın 9 rayonunun qazlaşdırılması haqqında göstəriş verilmişdir. Həmin rayonlardan biri də Gədəbəydir. Bilirsiniz ki, Gədəbəy Ermənistanla 123 km sərhəd zolağına malikdir və bu rayon Ermənistanla Azərbaycan arasında bir sipərdir. Ona görə də Gədəbəy rayonunun qazlaşdırılmasını digər rayonlarla müqayisə eləmək lazım deyil. Ona görə də “Azəriqaz”dan xahiş edirəm ki, Gədəbəy rayonunun bütün kəndlərinin qazlaşdırılması işini tezləşdirsin. Çünki əhalinin əsas şikayəti toyda da, yasda da qazdan olur. Ona görə də qazlaşdırmanı tezləşdirməyi xahiş edirəm.
Ümumiyyətlə, 2010-cu ilin dövlət büdcəsi həm sosial yönümlüdür, həm də investisiya yönümlüdür, sanballı hazırlanmışdır. Yenə də qeyd edirəm ki, dünyada gedən iqtisadi böhran nəzərə alınmışdır. Hesablama Palatasının büdcə layihəsinə verdiyi rəy də yaxşı hazırlanmışdır. 2010-cu ilin büdcə layihəsinə münasibətim müsbətdir və bu qanun layihəsinə səs verəcəyəm. Deputat həmkarlarımı da səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Hikmət Atayev, sualınız var? Xahiş edirəm, ancaq sualınızı verin.
H. Atayev. Oqtay müəllim, mənim xahişim var. Mümkünsə, nəzərə alaq ki, büdcə müzakirə olunur. Yəqin ki, deputatların hamısının deməyə sözü var. Mümkünsə, çıxışlara ayrılan vaxt bundan sonra yazılan deputatların arasında bölünsün ki, hamı çıxış edə bilsin.
Sədrlik edən. Biz həmişə bu haqda söhbət eləmişik. Vaxtı azaldanda çoxları narazılıq edirlər. Ona görə də artıq söhbət olmasın. Konkret hamı beş dəqiqə çıxış edə bilər. Ancaq 10 dəqiqə çıxış edəndə qarşısını mən almayacağam. 10 dəqiqə qalsın. Pənah Hüseyn.
P. Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Hörmətli Milli Məclis üzvləri, hörmətli qonaqlar, media nümayəndələri! Mən, çox təəssüf ki, yenə çıxışımı çox ciddi bir qanun pozuntusu ilə başlamalı olacağam. Bu qanun pozuntusu qanunvericilik təşəbbüsçüsü tərəfindən, yəni dövlət başçısı İlham Əliyev tərəfindən edilmişdir. Belə ki, “Büdcə sistemi haqqında” Qanunun 12.1.8-ci maddəsinə görə, büdcə zərfinə daxil olan sənədlər arasında dövlət investisiya proqramı layihəsi də olmalıdır və həmin investisiya layihəsi də müzakirəyə çıxarılmalıdır. Çox təəssüf ki, növbəti dəfə dövlət başçısı tərəfindən qanunun ziddinə olaraq, qanun pozularaq, dövlət investisiya proqramının layihəsi Milli Məclisə təqdim edilməmişdir. Bunu çox ciddi bir qanun pozuntusu hesab edirəm.
Bir daha təkrar edirəm, təxminən 4 milyarda yaxın vəsaitin qeyri-şəffaf şəkildə xərclənməsi barədə ortalıqda fakt vardır və bu təsadüfi deyildir. Çünki Azərbaycan Respublikası hökumətinin investisiya proqramı layihəsi yoxdur. Əslində, bu ilin əvvəlində, yəni mart ayından bunun ilkin layihəsi hazır olmalı idi. Mən bəzi vəzifəli şəxslərə müraciət elədim. Onlar dedilər ki, yanvar-fevral aylarında bu layihə Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Nə üçün investisiya layihəsi təqdim olunmayıb? Çünki dövlətin strateji iqtisadi siyasəti yoxdur. Bu gün büdcənin müzakirəsində üzləşdiyimiz bir sıra ziddiyyətlər, yəni bu sahəyə bələd olan adamların hiss elədiyi, duyduğu ziddiyyətlər də bununla bağlıdır.
Mən ikinci bir məsələyə diqqəti cəlb edim. Əgər investisiya proqramı olsa idi, xəstələrə, əlillərə, əhalinin ciddi sosial yardıma ehtiyacı olan hissəsinə xərclərin azaldıldığı məlum olardı. Amma Prezidentin İşlər İdarəsinin xətti ilə aparılan investisiya xərcləri olduqca yüksəldilir. Ümumiyyətlə, Azərbaycan xalqı başa düşmək istəyir ki, indiki məqamda ölkənin müxtəlif regionlarında Prezident iqamətgahlarının tikintisi və buna yüz milyonlarla vəsait ayrılmasına ehtiyac və zərurət nədən irəli gəlmişdir? Bir daha təkrar edirəm və mən hesab edirəm ki, Prezidentin İşlər İdarəsinin xərci ilə xərclənən yüz milyonlarla büdcə vəsaitinin Hesablama Palatası tərəfindən auditinin keçirilməsinin vaxtı gəlib çatmışdır. Bu məsələ barədə cəmiyyətə, xalqa məlumat verilsin.
Bütün xərclər azaldılıb. Demək olar ki, bütün sahələr üzrə, yəni səhiyyə, təhsil, sosial müdafiə və sair sahələr üzrə xərcləri nəzərdə tuturam. Amma diqqət edin, bir daha vurğulayıram, 2003-cü ildən 2010-cu ilə qədər Prezident Administrasiyasının xərcləri 12 dəfə artmışdır. 2006-cı ildən 2010-cu ilə qədər isə 7 dəfə artmışdır. Hətta bu cür ağır maliyyə böhranı şəraitində dəqiqləşdirilmiş büdcəyə görə bu il Prezident Administrasiyasının xərcləri 42 milyon manat olmalı idi. 2010-cu ildə 47 milyon manat dəqiqləşdiilmişdir. Bir daha təkrar edirəm, orada digər xərclər bölməsi var. Az qala Milli Məclisin bütün xərcləri 16 milyona bərabərdir. Orada 11 tam neçə milyon manatdır.
Ona görə də bir daha təkrar edirəm, dövlət vəsaiti ilə bu cür oynamaq və dövlət vəsaitini bu cür səmərəsiz məsələlərə həsr etməyin nəticəsidir ki, Azərbaycan bu gün və yaxın illərdə çox ciddi maliyyə böhranı ilə üzləşir. Mən hesab edirdim ki, vergilər naziri gələcək və öz ərizəsini Milli Məclisə, ondan əvvəlcə, təbii ki, icra hakimiyyətinin başçısına təqdim edəcək.
İyun ayının 14-də biz burada Vergi Məcəlləsinə əlavə və dəyişikliklər elədik. Onu vergilər naziri təqdim elədi və bildirdi ki, bunun nəticəsində Azərbaycanda vergi yığımı artacaqdır. Hüquqi şəxslərdən tutulan mənfəət vergisinin indi iki dəfədən çox, yəni 1 milyard manatdan artıq aşağı düşməsi barədə məlumat verilir. Habelə fiziki şəxslərdən tutulan 200 milyon manata yaxın gəlir vergisinin aşağı düşməsi haqqında məlumat verilir və bunun da günahı, səhv, eləmirəmsə, iyun ayının 14-də Milli Məclisdə müzakirə elədiyimiz və təsdiq elədiyimiz, eyni zamanda, vergilər nazirinin özünün də irəli sürdüyü qanunla bağlıdır. Əvvəlcədən deyim ki, bu, xalqı aldatmaqdır. Çünki Vergi Məcəlləsinə elədiyimiz dəyişikliklər on milyonlarla manat həcmində ölçülən bəzi vergi dərəcələrinin aşağı salınmasıdır. Bu isə təxminən 1 milyard 200 milyon manat həcmində vergi məsələsinin proqnozunun aşağı düşməsinə səbəb ola bilməzdi. Burada bəhbəhlə vergi konsepsiyasından danışılırdı. Bir daha təkrar edirəm, “bir pəncərə” sisteminin verəcəyi üstünlüklərdən danışılırdı. İndi Azərbaycan büdcəsini, Azərbaycan dövlətini bu cür çətin bir vəziyyətdə qoyan vergi idarəsi buna cavab versin.
Hörmətli deputatlar, sizin hamınız bilirsiniz ki, bu məsələnin digər başqa bir səbəbi də var. Mən öz rayonumuzda da, Bakıda da müxtəlif sahibkarlarla, – istər fiziki şəxslər olsun, istərsə də hüquqi şəxslər, – söhbət aparmışam. ABƏŞ-i qoyaq qırağa, böyük vergi ödəyicilərini qoyaq qırağa. Axı, konkret insanlar var və onların hər biri iddia edir ki, əvvəlki illərdə biz daha çox vergi ödəmişik. Həmin vergi hara ödənilmişdir, nə şəkildə ödənilmişdir? Guya elektron poçt vasitəsi ilə Azərbaycanda verginin ödənməsi sistemi tətbiq olunurdu. Heç olmasa, əvvəllər rayona gedib həmin vergiləri yığırdılar. Buna vergi demək mümkün deyil. Çünki burada konkret hesablamalara, qanuna istinad olunan vergilərdən söhbət getmir. Sözün həqiqi mənasında, xərac tipli vergidən gedir. Məsələn, gəlir, hansısa bir obyektə deyir, sən bu qədər verəcəksən. İndi hansısa “8-ci kilometr” deyilən bir yer var. Bütün respublikanın hər yerindən gəlib vergiləri nağd şəkildə həmin ünvana təqdim edirlər. Bu cür siyasətin axırı bu cür iflasla bitməli idi.
Bu gün aparılan vergi və maliyyə siyasətinin nəticəsidir ki, bizdə Dövlət Neft Fondunun konsepsiyası öz əhəmiyyətini itirmişdir. Dövlət Neft Fonduna gələn gəlirlər hamısı eyni ilə büdcəyə yönəlirsə, onda Dövlət Neft Fondu nəyə lazımdır? Onda gərək ehtiyat fonduna daxil ediləydi, nə qədər lazımdırsa, xəzinədə qalardı.
Ümumiyyətlə, Dövlət Neft Fondu konsepsiyası öz əhəmiyyətini itirmişdir. Bu, Azərbaycan iqtidarının apardığı maliyyə siyasətinin ən ciddi nəticələrindən biridir. Özü də pis nəticələrindəndir. Nə etmək lazımdır? Artıq geriyə qayıtmaq mümkün olmayacaqdır. Dövlət Neft Fondunun ləğvi, ehtiyat fondlarının birləşdirilməsi, məsələn, ABŞ-da federal ehtiyat fondu tipli bir strateji fondun yaradılması daha doğru və daha düzgün olardı, daha çevik idarəçilik sistemi qurulardı. Biz vaxtilə Dövlət Neft Fondunu beynəlxalq təşkilatların təzyiqi ilə yaratmışdıq. Artıq özümüzü aldatmağın heç bir mənası yoxdur.
İşin ikinci tərəfi. Mən Prezident Administrasiyası məsələsinə toxundum. Azərbaycan kimi bir ölkədə üç nazirliyin – Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin olmasına nə ehtiyac var? Çoxdan bunların birləşdirilməsi və əlavə mənbələrin əldə olunmasının, digər sahələrə yönəldilməsinin vaxtı gəlib çatıb. Dəhşətli bir faktdır. Biz deyirik, bütün qəzetlər yazır, müstəqil ekspertlər də iddia edirlər ki, gömrük xətti ilə idxala görə təxminən 1 neçə milyard manat oğurlanır. Tikinti bazarına, ya da mağazalara gedin, əsasən, idxal olunan malların qiymətini soruşun. Necə olub ki, taxta indi 280 dollara qalxıb? Tikinti bumu yata-yata? Necə olub ki, kafellərin qiyməti 30 faiz qalxıb? Nədən armaturun tonu 80 dollar qalxıb? Əksinə olmalı idi. Çünki hər vaqona qoyulan xərac bəzilərində iki dəfə, bəzilərində 30 faiz, bəzilərində 40 faiz artırılıb. Bunun nəticəsidir. Stabil saxlamaq əvəzinə gömrük xətti ilə bu məsələ elə vəziyyətə gəlib çatıb ki, guya idxal azalıbdır. İdxal azaldığına görə də daxilolmalar azalmalıdır. Ciddi bir şəkildə gömrük sisteminin auditi aparılmalıdır, yaxud Hesablama Palatası tərəfindən bu sistem yoxlanılmalıdır.
Mətbuata saymazyana baxmaq olmaz. “Müxalifət mətbuatıdır” deyə müstəqil ekspertlərin fikrini kənara qoymaq olmaz. Bu yaxınlarda iki-üç qəzetdə gömrük xətti ilə 2 milyard manatdan 4 milyard manatadək vəsaitin oğurlanması barədə məlumatlar verildi. Sanki özlərini karlığa vurublar. Ən azı öz ləyaqətlərini və öz şərəflərini müdafiə etsinlər. Əgər hünərləri çatırsa, əgər qorxmurlarsa, həmin mətbuatı, həmin müəllifləri məhkəməyə versinlər.
Nəhayət, başqa bir məsələnin üzərində dayanmaq istəyirəm. Görün, ölkədə hansı vəziyyət yaranıbdır? Şəkərli diabetə ayrılan vəsaitin miqdarı,– şəkərli diabet xəstələrinin sayı isə artmaqdadır, çox sürətlə artır, – 19 milyondan 8 milyona düşüb, səhv etmirəmsə. Bunun əvəzinə ayrı-ayrı idarələrdə, nazirliklərdə saxta olan və doğru-düzgün olmayan və nəzarət olunmayan sahələrə bu məsələ artıb.
Bu büdcə xalqı kasıb edən büdcədir, bu büdcə soyğunçu büdcədir, bu büdcə talançı büdcədir. Sözümün sonunda bütün bunlara qarşı siyasi etirazımı da bildirirəm. Bu gün məhkəmə tərəfindən həbs edilən Adnan Hacızadənin, Emin Millinin həbsinə də etirazımı bildirirəm. Bu vəziyyətin axırı yaxşı qurtarmayacaq. Bu vəziyyətin sonu mütləq iqtisadi böhran, sosial böhran və siyasi sarsıntı ilə yekunlaşacaqdır. Allah bunu edənlərin öz başında çatlatsın. Millətimizi, xalqımızı, dövlətimizi bundan qorusun.
Sədrlik edən. Çox alovlu danışırsan. Amma yenə şifahi danışırsan. Azərbaycanı heç bir iqtisadi böhran basmayıb. İqtisadi böhran basan ölkələri saysaq, say-hesabı yoxdur. Ona görə də büdcə hesablanmış büdcədir. O ki qaldı öz şəxsiyyətlərini qorumaq məsələsinə, hamı öz şəxsiyyətini qoruya bilər. Ancaq sabah bir dənə müxalifət qəzetini məhkəməyə verən kimi bütün dünyaya car çəkirsiniz ki, mətbuatı sıxışdırırlar. Ona görə də məhkəmə olmadığı üçün mətbuat istədiyini yazır. Hesablama Palatasına istinad edirsən. Amma Hesablama Palatasının rəyini normal oxumursan. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media nümayəndələri! Bu gün nəzərdən keçirdiyimiz Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin zərfinə daxil edilmiş sənədlərdə əks olunan məlumatlara əsaslanaraq, tam əminliklə demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında işlənilmiş iqtisadi inkişaf siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya iqtisadiyyatını bürüyən və sarsıdan maliyyə böhranı respublikamızdan yan keçməsə də, iqtisadi islahatların dərinləşməsi, böhran əleyhinə tədbirlərin vaxtında qəbul edilməsi və həyata keçirilməsi, mövcud potensialın səmərəliliyinin yüksəldilməsi əvvəlki illərdə qazanılmış uğurların itirilməsinə imkan verməmiş, hətta müəyyən nailiyyətlərin əldə edilməsi üçün zəmin yaratmışdır.
Dövlət Statistika Komitəsinin son məlumatlarına görə cari ilin 9 ayı ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox və ya 23,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. Təqdirəlayiq bir faktdır ki, bəzi hallar istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində artım müşahidə olunur. Adambaşına ümumi daxili məhsulun istehsalı 4,7 faiz çoxalaraq 2658 manat və yaxud 3306 Amerika dolları təşkil etmişdir.
2009-cu ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz artaraq 1824,5 manata çatmış, muzdlu işləyənlərin orta əmək haqqı 300 manata yaxınlaşmışdır. Təqdim olunmuş sənədlərdə qeyd olunduğu kimi, 2010-cu ildə dövlət büdcəsi proqnozlarının tərtibi zamanı dünyada gedən iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına bugünkü təsirləri nəzərə alınaraq, ölkədə 31,8 milyard manat həcmində və yaxud 6,8 faiz artımla ümumi daxili məhsul istehsal ediləcəkdir. Bu zaman qeyri-neft sektorunun ümumi daxili məhsula nisbətdə ümumi çəkisinin 62,4 faiz olacağı proqnozlaşdırılır. Gələn ildə adambaşına düşən ümumi daxili məhsulun səviyyəsini 3627,8 manat və yaxud da 4511 ABŞ dolları olacağı, orta aylıq əmək haqqının isə 16,9 faiz artacağı, yəni 366 manat olacağı gözlənilir.
Bəzi vergi dərəcələrinin aşağı salınması, vergi inzibatçılığının möhkəmləndirilməsi, vergidən yayınma hallarının azaldılması, yeyim əmsalının daha da artırılması növbəti ildə keçiriləcək vergi siyasətinin əsasını təşkil edəcəkdir. 2010-cu ildə dövlət büdcəsi xərclərinin strukturunun tərtibi və icrası prosesinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığa riayət olunması, xərclərin səmərəli və ünvanlı təmin edilməsi istiqamətində iş davam etdiriləcəkdir.
Qeyd etdiyim kimi, mən bir neçə təklif də irəli sürmək istəyirəm. Büdcə göstəricilərinin hesablanması zamanı 1 barel xam neftin dünya bazarında orta illik ixrac qiymətinin 45 ABŞ dolları səviyyəsində olacağı nəzərdə tutulmuşdur. Hazırda dünya bazarında neftin qiyməti 78-80 ABŞ dolları arasında formalaşır. Ekspertlərin mülahizələrinə əsasən bu qiymət təxminən 65-70 ABŞ doları təşkil edəcək. O da nəzərə alınmalıdır ki, cari ildə neftin orta qiyməti təxminən 52-53 ABŞ dolları təşkil etmişdir. Belə olan təqdirdə ölkə büdcəsinə külli miqdarda vəsaitin daxil olması gözləniləndir. Zənnimcə, müvafiq hökumət qurumları ehtiyat plan işləyib hazırlamalı və əlavə vəsaitin xərclənmə istiqamətlərini müəyyən etməlidirlər. 2010-cu ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,5 faizi həcmində nəzərdə tutulmaqla, mütləq ifadədə 10 milyard 15 milyon manat, xərclər hissəsi müvafiq olaraq 35,4 faiz və ya 11 milyard 264 milyon manat təşkil edir.
Beləliklə, büdcə gəlirlərinin xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasında son illər müşahidə olunan müsbət tendensiyalar növbəti 2010-cu ildə də davam etdiriləcəkdir. Məlumat üçün bildirmək istəyirəm ki, inkişaf etməkdə olan, o cümlədən keçid dövrünü yaşayan ölkələrin çoxunda büdcənin vasitəsi ilə ümumi daxili məhsulun ən azı 40 faizi yenidən bölüşdürülür.
Hörmətli deputatlar, əməyin ödənilməsi ilə bağlı məsələlər Həmkarlar İttifaqının fəaliyyətində prioritet yer tutur. O da məlumdur ki, əmək haqqının artırılması məsələsi hörmətli Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, ölkə üzrə orta aylıq əmək haqqı əhəmiyyətli dərəcədə artmış və gələn il onun məbləğinin 366 manata çatdırılması planlaşdırılır.
Təqdim olunmuş sənədlərə görə minimum əmək haqqının növbəti dəfə artırılması nəzərdə tutulur. Bununla əlaqədar mən bir daha Həmkarlar İttifaqının bu məsələyə aid mövqeyini nəzərinizə çatdırmaq istəyirəm. Ölkə üzrə minimum əmək haqqının göstəricisi orta aylıq əmək haqqının 60 faizi, yaşayış minimumu isə 50 faiz miqdarından aşağı olmamalıdır. Yəni hazırda mövcud olan statistik ölçülərə əsasən qeyd olunan göstəricilərə müvafiq olaraq, təqribən 160 manat və ya 190 manat səviyyəsində təyin olunmalıdır. Bu rəqəmlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında aparılan müstəqil hesablamalarla da təsdiqlənir. Yalnız bu halda ölkəmiz ratifikasiya edilmiş, yenidən baxılmış Avropa Sosial Xartiyasının müvafiq öhdəliyini yerinə yetirmiş olar.
Millət vəkillərinə təqdim olunan sənədlərdə aztəminatlı əhalinin vəziyyətinin yaxşılaşdırılmasına yenidən baxılmış Avropa Sosial Xartiyasının maddəsinə və ölkədə qəbul olunmuş normativ hüquqi sənədlərə uyğun olaraq, ünvanlı sosial yardım göstərilməsi üçün əsas verən ehtiyac meyarının mərhələlərlə ölkədə yaşayış minimumuna çatdırılması qeyd edilir, lakin bunun nə vaxt baş verəcəyi göstərilmir.
Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyasının əsas siyasətlərindən biri də məşğulluq siyasətinin həyata keçirilməsində iştirak etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin məlum qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006–2015-ci illər)” bu siyasəti formalaşdıran əsas sənəddir və onun uğurlu icrası kimi ölkəmizdə son illər ərzində 800 min iş yerinin açılması qeyd olunmalıdır. Bu sahədə işlərin davam etdirilməsi nəzərdə tutulur. Fikrimizcə, bu istiqamətdə aparılan işlərin əsas prioritetini mövcud və yeni yaradılmış iş yerlərində layiqli iş şəraitinin tətbiq edilməsi təşkil etməlidir.
İki il öncə Nazirlər Kabinetinin geniş iclasında ölkə Prezidenti müəssisələrdə, xüsusilə tikinti meydançalarında qeyri-normal əmək münasibətlərinin miqyasından narahat olduğunu ifadə etmiş və bu sahədə qayda-qanunun bərpa edilməsini tələb etmişdir. Söhbət ilk növbədə işəgötürən və işçilər arasında əmək müqavilələrinin bağlanmasından, məvaciblərin hesablanmasından, tam həcmdə göstərilməsindən və əməyin təhlükəsizliyinə aid normativlərə riayət olunmasından gedir. Ölkə Prezidentinin tapşırığından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qayda-qanun yaradılmasına nail olunmaqdadır.
Burada bir çox deputat yoldaşlarım çıxış etdi və dövlət tərəfindən yaranan fabrik və zavodların əleyhinə danışdılar. Zibil emalı zavodunu öz çıxışlarında qeyd etdilər. Mən bizim deputat yoldaşlara cavab vermək məqsədi daşımıram, sadəcə, öz fikirlərimi bildirirəm. Bizim dövlətimiz bazar iqtisadiyyatı ilə irəliləyir. Hələ Azərbaycanda elə bir iş adamı yetişməyib ki, uzunmüddətli kredit qoysun, iri həcmli zavodların tikilməsində maraqlı olsun. Bizim iş adamları, əsasən, maraqlıdırlar ki, bu gün nə isə alım, onu satım və tez bir zamanda gəlir əldə edim. Gələcəyə hesablanmış kreditlər qoyuluşu ilə məşğul olmurlar. Ona görə də dövlətimiz düzgün addım atır ki, belə bir zavodun tikintisini qarşısına məqsəd qoyur. Bu zavodun tikilməsi əlavə enerji istehsalına, həmçinin yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Gələcəkdə də tender yolu ilə, yəqin ki, 2-3 ildən sonra dövlət balansında olan həmin zavod hərrac vasitəsi ilə satışa çıxarılacaq və bundan da artıq qiymətə satılıb dövlət büdcəsinə əlavə gəlir gətirilməsinə nail olunacaq.
 Digər deputatlar bölgələrdə idman komplekslərinin tikilməsinə iradlarını bildirdilər. Əzizlərim, bilirsiniz ki, ölkə Prezidenti gənclərimizə qayğı və diqqətlə yanaşır. Bölgələrdə idman komplekslərinin tikilməsi ona hesablanır ki, Azərbaycan gəncləri asudə vaxtlarında pis adətlərlə məşğul olmasınlar, narkomaniyadan uzaq olsunlar, asudə vaxtlarını idmana sərf etsinlər. Ölkə Prezidentinin göstərişi ilə 2015-ci ilə qədər Dövlət Neft Fondunun vəsaiti hesabına 5 mindən artıq Azərbaycan gənci pulsuz olaraq Avropanın aparıcı universitetlərinə oxumağa göndərilir. Bu gənclər sonradan Azərbaycana qayıdacaqlar.
Sədrlik edən. Yaqub Mahmudov.
Y. Mahmudov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, əziz qonaqlarımız, mətbuat nümayəndələri! Çıxışımın əvvəlində hörmətli Fəzail İbrahimlinin belə bir mövqeyi ilə tamamilə bölüşürəm ki, mən də iqtisadiyyat elmində, büdcənin hazırlanmasında, maliyyə işində peşəkar deyiləm və ciddi tövsiyələr vermək, pafoslu ifadələr işlətməyə meylim yoxdur. Amma bir ziyalı olaraq bir həqiqəti etiraf etmək lazımdır və gəlin, onu hamımız etiraf edək.
Azərbaycan müharibə vəziyyətindədir və bizim 1 milyondan çox qaçqınımız var. Artıq şahidiyik ki, dünyanı iqtisadi böhran bürüdü, çox nəhəng iqtisadi mərkəzləri silkələdi, milyonlarla işsizlər ordusu yarandı, müəssisələr bağlandı, banklar iflasa uğradı və sair. Belə bir vəziyyətdə bizim Azərbaycanımızın ümumi iqtisadi inkişafında 6 faiz artım nəzərə çarpır. Belə vəziyyətdə bizim iqtisadiyyatın ayrı-ayrı sahələrində tərəqqi var, belə bir vəziyyətdə dünyanın bir çox böyük iqtisadi qurumları Azərbaycandakı iqtisadi inkişafı qəbul edirlər, onu öyrənməyə səy göstərirlər. Gəlin, bunu etiraf edək.
Bu baxımdan ölkənin bütün sahələrində olduğu kimi, iqtisadi inkişafla əlaqədar Azərbaycan Prezidentinin doğru-düzgün strateji xətt yeritdiyini qəbul edək və ona minnətdarlığımızı bildirək. Eyni dərəcədə mən bizim maliyyə strukturlarına da bir ziyalı olaraq minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il də büdcənin müzakirəsi mənim yadımdadır. Müzakirələr nə qədər gərgin şəraitdə getdi. Amma nə oldu? Qlobal böhran ili dövründə Azərbaycanın hər yerində, Bakıda yollar çəkildi. Dörd böyük ana yolun bərpası istiqamətində çox böyük işlər görüldü.
Mən xüsusi qeyd etmək istəyirəm ki, bizim bölgədə dağıdıcı Şin çayının üzərindən bir kilometr uzunluğunda körpü çəkilir. Çünki camaat Şəkiyə gəlməkdən ötrü 6–7 kilometrlik məsafəni qət etmək əvəzinə 100–150 kilometr məsafəni fırlanıb gəlir. Biz tarixçi olaraq ölkənin müxtəlif yerlərini gəzirik. Məsələn, eyni inkişafı mən Azərbaycanın başqa bölgələrində də, o cümlədən Şəmkirdə də görmüşəm. Orada nəhəng su-elektrik stansiyası tikilir. Mən bu işdə zəhməti olanlara dərin minnətdarlığımı bildirirəm.
Etiraf etmək lazımdır ki, bizim maliyyə nazirimiz Samir Şərifov son dərəcə hazırlıqlı bir ziyalı olduğunu, peşəkar olduğunu nümayiş etdirdi. Çox tutarlı bir məruzə ilə büdcəni bizə təqdim etdi.
Bizim alimlərin minnətdarlığını yetirmək istəyirəm ki, ötən il  akademiyanın qəza vəziyyətində olan binasının təmirinə büdcəmizdən vəsait tapıldı, Abid Şərifov gəldi və müəyyən olundu ki, akademiya bir neçə ilə çökə bilərmiş. Alt mərtəbədə sütunlar tamamilə çürümüşdü. Akademiya təmir olundu və artıq təmir başa çatmaq üzrədir. Bu, unikal bir memarlıq abidəsinin fəlakətə, qəzaya uğramasının qarşısının alınması deməkdir. Təşəkkürümüzü bildiririk. Bizim institutların maddi-texniki bazasının gücləndirilməsindən ötrü xeyli vəsait ayrıldı. Mən maliyyə nazirinin proqramlar üzrə vəsait buraxmaq taktikasını alqışlayıram. Dövlətin pulu, büdcə vəsaiti o yerə xərclənməlidir ki, onun nəticəsi olsun. Qabaqcadan bilinsin ki, nə kimi nəticə əldə olunacaq. Elmlə bağlı olduğu üçün bu təşəbbüs alqışlanmalıdır.
Milli Məclis qarşısında mən şəxsi minnətdarlığımı da bildirmək istəyirəm. Bildiyiniz kimi, 1918-ci il Azərbaycan xalqına qarşı soyqırımı qətlini həyata keçirən 26-lar canidirlər. Bunlarla əlaqədar Sahil bağındakı məzarlar söküləndə oradan 23 cəsəd çıxdı. Mən bunun şahidiyəm və 4-5 gün oradakı adamlarla işləmişəm. Bununla əlaqədar olaraq mən dəfələrlə Azərbaycanın maliyyə nazirinə müraciət etdim. Sağ olsun, məni çox yaxşı qəbul etdi. Bu qəbuldan sonra onlarca alimimiz sənədləri Azərbaycana gətirmək üçün Moskvada, Sankt-Peterburqda, Həştərxanda işləyirlər. Yəni bu bizim elmimizə göstərilən qayğıdır.
Bu baxımdan mən bir sıra ictimai təşkilatlara, qeyri-hökumət təşkilatlarına müraciət etmək istəyirəm. Regionların İnkişafı İctimai Birliyi deyilən bir təşkilat var. Kitablarımızın yüksək poliqrafik şəkildə buraxılması üçün bizə köməklik göstərir. Yəni bizim bir çox təşkilatımız, nazirimiz üzünü Tarix İnstitutuna çevirməlidir.
Büdcə ilə bağlı mən iki-üç rəqəmi demək istəyirəm. Bu rəqəmlər bu büdcənin necə tərtib olunması ilə əlaqədardır. Məsələn, Milli Məclisin üzvü olaraq məndə belə bir təəssürat yaranır ki, ölçülüb-biçilmiş büdcədir. Burada növbəti ildə bizim büdcə vəsaitindən qeyri-neft sektoruna 62,4 faiz yer verilir. Mən bunu çox böyük nailiyyət hesab edirəm. Çünki ölkədə həmişə hay-küy qopur ki, biz işlərimizi yalnız neft üzərində qurmuşuq. Bəli, vaxtilə biz işlərimizi neft üzərində qurmalıydıq. Çünki neft Azərbaycanın neftidir. Mən yaramı bağlamaqdan ötrü neftdən istifadə etməliyəm. Bunu kim mənə qadağan edə bilər? Müdrik siyasətdir və artıq hiss olunur ki, iqtisadiyyatımızın 62,4 faizi qeyri-neft sektoruna arxalanır. Büdcəmizdə də bu cür proqnozlaşdırılır. Mən buna çox böyük əhəmiyyət verirəm. Sevindirici haldır ki, bizim büdcəmizin 34,4 faizi sosial yönümlüdür. Yəni xalqın bilavasitə vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir. Pensiya məsələsi, yardım fondu və sair. Bu da çox xoşagələndir.
Mənim bəzi xahişlərim də var. Əlbəttə, hörmətli maliyyə naziri, mümkün olsa, bunları nəzərə alardı. Çalışmaq lazımdır ki, Şəkidəki nəhəng körpünün tikintisi zəifləməsin. Çünki camaat ona çox möhtacdır, 6-7 kilometr yol qət etmək əvəzinə 150-180 kilometr yolu dolanırlar.
İkincisi, mən bir şeydən çox xəcalət hissi keçirirəm. İstəyirəm, onu da hörmətli maliyyə nazirinə deyim. Mümkün qədər bizim elmimizi sıfır vəziyyətindən çıxarsın. Yəni elmə ayrılan büdcədəki vəsait 0,9 faizdir. Aydın məsələdir ki, əgər elm inkişaf etmirsə, təhsil də, o biri sahələr də, səhiyyə də, başqa sahələr də inkişaf etməyəcək. Yəni elm bünövrədir. Bizə yuxarıdakı mərtəbələrdən yox, bünövrədən başlamaq yaxşı olardı. Arzum odur ki, hələlik, heç olmasa, onu Samir müəllim sətirdən çıxarsın, yəni 0,9 faiz olmasın. Ona görə də burada çıxış edən millət vəkillərinə də minnətdarlığımı bildirirəm.
Hörmətli Samir müəllim, mən gələndə məlumat da götürmüşəm. İndi bizim alimlərimizin akademiyada orta aylıq əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından 1,5 dəfə azdır. Rusiyanınkından, Ukraynanınkından 1,4–2 dəfə azdır. Əlbəttə, bu vəziyyətdən çıxış yolu çətindir. Siz bu rəqəmləri işləmisiniz, balans yaradıbsınız. Amma mən xahiş edərdim, elmə baxışı bir qədər dəyişəsiniz. Bəlkə də gələcəkdə hökumətin hesabatında mən bunları deyəcəyəm. Dağıdıcı dağ çaylarına bəndlər çəkilməsinə illərlə nə  qədər vəsait sərf olunur. Bunların hamısı ilə mən tanışam. Katex çayı, Şin çayı, Kürümüş çayı və sair. Bunların hamısının dərəsində 10 metrlik yolu kəsməklə su anbarları yaratmaq olar, elektrik stansiyaları tikmək olar. Həmin çayları cilovlasaq, dağıdıcı sel sularından da camaatımızı xilas edə bilərik. Hökumətin siyasəti olarsa, gələcəkdə buna da vəsait ayrılmalıdır.
Naxçıvan məsələsi ilə bağlı bizim Milli Məclisin üzvləri çox narahatlıq keçirdilər. Doğrudan da, narahatlıq doğuran məsələdir. Amma mən tamamilə əminəm. Çünki Qars məsələsi ilə əlaqədar mənim Prezidentə şəxsi müraciətim olub. Heydər Əliyevin vəsiyyəti kimi Prezidentimiz Naxçıvana çox diqqətlə yanaşır. Bəzən ildə iki dəfə gedir. Mən güman edirəm ki, bu məsələ Azərbaycan Prezidentinin diqqət mərkəzindədir və onu nizama salacaq.
Amma bəzi əcaib məsələlər var. Hörmətli Sədr, Sizin də qarışmanızı xahiş edirəm. Məsələn, dörd-beş aydır, Naxçıvana bilet almaqdan ötrü camaat gərək təyyarə meydanına getsin. Təyyarə meydanına niyə getməlidir? Bu şəhərdə bir yer tapılmır ki, Naxçıvana gedən adamlara bilet satsınlar? Çünki mən elmi şura ilə tez-tez Naxçıvana gedirəm. İndi gərək təyyarə meydanına gedim. Bax, bu məsələ nizama salınsın. Xahiş edərdim ki, Gəncə ilə Naxçıvan arasında təyyarə reysinin açılmasına da diqqət yetirilsin. Bu da Naxçıvanın blokadadan çıxmağına kömək edərdi. Yəni bu məsələlərin hamısı dövlət əhəmiyyətli məsələlərdir və güman edirik ki, bu məsələlər yaxın gələcəkdə nəzərə alınacaq.
Mən bizim büdcəmizi kamil hesab edirəm, peşəkarların əlindən çıxan büdcədir. Təklif edirəm ki, həmkarlarım da bu büdcəyə səs versinlər və bu büdcə ilində xalqımıza müvəffəqiyyət arzu edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, mən gələn ilin büdcəsinə səs verəcəyəm. Hesab edirəm ki, biz reallıqları da qəbul etməliyik. Çünki bütün dünyanın yaşadığı beynəlxalq maliyyə və iqtisadi böhranın fonunda Azərbaycanın ciddi problemlərlə üzləşməməsi özü böyük bir uğurdur. Mən hesab edirəm ki, bu fonda Azərbaycanın öz iqtisadi siyasətini normal şəkildə davam etdirməsi böyük bir nailiyyətdir və cənab Prezidentin apardığı uğurlu iqtisadi, sosial siyasətin bir nəticəsidir.
Təbii ki, biz komissiyalarda bu məsələləri müzakirə edərkən Maliyyə Nazirliyinin nümayəndəsi həmişə deyirdi ki, mənbəni də deyin, mənbələr də lazımdır. Ona görə də burada dediyim bir çox məsələlər mənbələrə əsaslanır. Yəni böyük maliyyə vəsaitləri tələb etmir. Amma həmin sahəyə ayrılan vəsaitlər hesabına da ciddi işlər görmək olar. Sadəcə, bir az bu məsələyə diqqəti artırmaq lazımdır.
Bunun birini mən demişəm. Bu gün Azərbaycanda minlərlə uşaq var ki, ürəkqüsurludur və Azərbaycanda ürəkqüsurlu uşaqların əməliyyat xərcləri, sadəcə, iki xəstəxanada mümkündür. Orada isə qiymətlər 6-7 min manatdan da yuxarıdır. Bu, aztəminatlı ailələr, orta səviyyəli ailələr üçün əsl faciədir. Bu insanlar uşaqlarını əməliyyat etdirə bilmirlər və bəzən çox ağır vəziyyətdə həmin ailələr qapı-qapı gəzərək pul yığmağa başlayırlar. Mən çox xahiş edirəm ki, səhiyyə xərcləri içərisində bu məsələyə ciddi fikir verilsin. Ən azı bu yolla aztəminatlı ailələrin övladlarını pulsuz əməliyyat etdirə bilməsinə kömək edə bilərik. Yaxud bu ailələrin övladları üçün əlavə vəsait ayrılsın. Yenə deyirəm, mümkünsə, səhiyyə xərcləri içərisində bu məsələyə də ciddi baxılsın.
Mən bir məsələni də vurğulamaq istəyirəm. Bu gün ölkəmizin regionlarında çox gözəl səhiyyə mərkəzləri, diaqnostika, tibb mərkəzləri tikilir. Amma ortada bir problem var ki, yenə də kəndlərdən, bölgələrdən insanlar şəhərə üz tuturlar. Şəhərdə də azdan-çoxdan imkanı olan insanlar xaricə üz tutur. Niyə lazımi səviyyədə tibbi kadrlarımız yoxdur? Biz bunu açıq şəkildə deməliyik. Nə qədər insanlarımız xaricə gedirlər. Özləri ilə nə qədər pul vəsaitlərini çıxarırlar. Mən çox xahiş edəcəyəm, bəlkə mümkündür. Bu qədər mərkəzlər açılır, avadanlıq alınır. Beynəlxalq səviyyədə ondan istifadə edən mütəxəssislər, yaxşı bilən mütəxəssislərin hazırlanması üçün, onların xaricdə təhsil alması üçün bizim dövlət proqramımız da var. Bəlkə dövlət proqramında tibb sahəsində təhsil alan mütəxəssislərin, tələbələrin çəkisini artıraq? Xüsusilə hansı sahələrdə mütəxəssislərimiz, demək olar ki, məhdud saydadır, normal mütəxəssislər hazırlayaq ki, həmin mərkəzlər də normal işləsinlər. İnsanlar bölgələrdən Bakıya, Bakıdan xaricə üz tutmasınlar. Həmin proqram çərçivəsində xaricdə tibb təhsili alan gənclərimizin sayını artırmaq lazımdır. Proqram var, amma onların sayını artırmağa ehtiyac var.
Samir müəllim, mən bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Bu, şəkərli diabet xəstələri ilə bağlıdır. Burada problem vəsaitlə bağlı deyil. Mən hesab etmirəm ki, vəsait az olduğu üçün bu problem yaranıb. Normal vəsait var, amma bu vəsaitlər rayon büdcələrinə verilir. Çox təəssüf ki, şəkərli diabet xəstələrinin rayon büdcələrindən bu dərmanları almasında çox ciddi problemlər yaranır. Problem dərmanların keyfiyyəti, effektivliyi və onların alınması ilə bağlıdır. Hesablama Palatasının şəkərli diabet xəstələrinə verilən dərmanlarla bağlı təklifləri var. Mən oxudum. Bəlkə də Hesablama Palatası bu problemlərdən çıxış yolunu göstərə bilər. Xəstəlikdən əziyyət çəkən insanlara ayrılan vəsaitin, yaxud dərmanların onlara çatması üçün nələri etməyi düşünürsünüz ki, bu sahədə insanların narazılığı azalsın?
Səhiyyə ilə bağlı son xahişimi edəcəyəm. Çünki burada Səhiyyə Nazirliyinin də, hökumətin də nümayəndələri var. Bu gün ən ciddi problem Hepatit C virusu ilə bağlıdır. Nə qədər gənc insanımızın qara ciyəri sıradan çıxır. Hamısı da Türkiyəyə gedir. Bir qara ciyəri dəyişməyə 100 minlərlə dollar lazımdır. O da dəyişə bilir, ya yox. Amma bu bəlanın əksəriyyəti Hepatit C-dən başlayır. Bunun profilaktik proqramları üçün artıq biz ciddi proqramlar işləyib həyata keçirməliyik.
Digər bir məsələyə də toxunmaq istərdim. Bu məsələ bizim tarixi-mədəni abidələrimiz ilə bağlıdır. Çünki mən bir neçə dəfə şəxsən özümün millət vəkili seçildiyim rayonla bağlı bizim mədəniyyət nazirimizin yanında olmuşam, müraciət də etmişəm. Həmişə də bu cavabı alıram ki, vəsait yoxdur, çatışmır. Ona görə kömək edilmir. Mən çox xahiş edirəm, bəlkə biz ya mədəniyyət xərclərinin içərisinə, yaxud da vəsaitlərin artırılması mexanizminə baxaq. Məsələn, Tovuz rayonunun mərkəzində bir dənə mədəniyyət evi var. Beş ildir ki, onun təmiri məsələsini həyata keçirə bilmirik. Yaxud həddindən artıq köhnəlmiş tarixi-mədəni abidələr var ki, onlar çox ağır vəziyyətə düşüb. Qısa müddət ərzində onların bərpası reallaşmasa, biz onları itirə bilərik. Heç olmasa, bu abidələri nəzərdən keçirmək lazımdır.
Qısaca, Samir müəllimə üç məsələni deyəcəyəm. Bu, Tovuzun sərhəd kəndləri ilə bağlı olan ciddi məsələdir. Bilirsiniz ki, Ermənistan Tovuzun sərhəd kəndlərinə su vermir. İnsanlar çox ağır vəziyyətdədirlər. Orada insanlar ancaq əkin-biçinlə dolanır və su olmayanda çox ciddi problemlə üzləşirlər. Tovuzun Ağdam, Əlibəyli kəndləri çox ciddi çətinliklərlə üzləşiblər. Sovet dövründə 1986-cı ildə bənd tikintisinə başlandı, 1993-cü ilin əvvəlində isə tikinti dayandı. Ortaya maliyyə problemi çıxdı. Sonra 2006-cı ildə yenidən tikintiyə başlandı, amma 2009-cu ildə tikintini yenidən saxladılar ki, maliyyə vəsaiti yoxdur. Mən çox xahiş edirəm, minlərlə insan həmin sərhəd bölgələrində yaşayır. Minlərlə hektar ərazinin suvarılmasına ehtiyac var. Bu layihəyə, heç olmasa, 2010-cu ildə vəsait ayrılmasını hörmətli Əhmədzadədən də xahiş edirəm. Bu məsələyə diqqət vermək lazımdır. Bu, sərhəd kəndlərində yaşayan insanların böyük bir probleminin həlli deməkdir.
İkinci bir məsələ diaqnostika mərkəzi ilə bağlıdır. Onun tikintisinə 2008-ci ilin sentyabrında başlandı, amma başlandığı kimi də dayanıb. Xeyli vaxt keçir, mən xahiş edirəm, bu məsələyə baxılsın.
Eyni vəziyyət 2007-ci ilin mayın 30-da təməli qoyulan Olimpiya kompleksi ilə də bağlıdır. Burada da vəsait olmadığı üçün işlər demək olar ki, çox düyünə düşüb. Heç olmasa, bu üç önəmli layihənin başa çatması üçün Sizin köməyinizə ümid edirik.
Mən bir məsələni də qısa şəkildə demək istəyirəm. İctimai televiziya dövlət büdcəsindən maliyyələşir və bu gün hamımız şikayət edirik ki, əhalinin maarifləndirilməsi baxımından, milli-mənəvi dəyərlərimiz baxımından lazımi səviyyədə proqramlar hazırlanmır. Yəni bunu həyata keçirən ən uğurlu televiziyalarımızdan biri də İctimai televiziyadır. Ona ayrılan vəsaitin azaldılmasını bəlkə müəyyən müddətə dayandıraq və tələb edək ki, daha yüksək səviyyəli proqramlar hazırlasınlar. Həmçinin ictimaiyyətin televiziyası olaraq ictimaiyyətin maarifləndirilməsini həyata keçirə bilsinlər.
Mən sonda bir məsələni də deyəcəyəm. Bu, təbliğat və təşviqat məsələsi ilə bağlıdır. Əslində, burada da vəsaitdən daha çox vəsaitin paylanma mexanizmindən söhbət gedir. Bu gün Azərbaycanın ən böyük məsələsi, təbii ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlıdır. Azərbaycanın tanıtımı, təbliğatı vacib məsələdir. Bununla bağlı bir neçə nazirliyə vəsait ayrılır və görürük ki, onların gördüyü işlər bir-birini təkrarlayır. Bəlkə burada da koordinasiya olunmuş bir mexanizmə ehtiyac var? Yəni bir-birini təkrar etmədən bir çox məsələlər öz həllini tapa bilər. Yəni təbliğat, təşviqat, informasiya müharibəsində ayrılan vəsaitdən səmərəli istifadə edərək, əslində, kifayət qədər iş görmək olur. Amma təkrarçılıq ucbatından bəzən koordinasiyanın olmaması nəticəsində bu sahədə də işlərimizi lazımi səviyyədə qura bilmirik. Bununla bağlı nə düşünürsünüz? Mən bilmək istəyirəm ki, gələcəkdə bununla bağlı hansısa mexanizmin işə düşməsini gözləyə bilərikmi? Bəlkə bir koordinasiya, ayrı-ayrı qurumların fəaliyyəti olmalıdır ki, daha səmərəli nəticə əldə edə bilək. Vaxt azdır, amma mən büdcəni çox normal bir büdcə hesab edirəm və biz bunu dəstəkləməliyik.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun, cənab Sədr. Mən Nazirlər Kabinetinin nümayəndələrini salamlayır, işlərində yeni uğurlar, yeni nailiyyətlər arzulayıram. Amma təəssüflər olsun ki, hörmətli Samir Şərifov istisna olmaqla, nazirlərin əksəriyyəti büdcənin müzakirəsində cəmi bir gün iştirak ediblər. Halbuki biz bu günü düz bir il gözləyirik. Çünki təmsil etdiyimiz rayonun problemlərini və ümumiyyətlə, dövlət əhəmiyyətli problemləri onlara çatdırmaq istəyirik. Nazirlərlə bilavasitə ünsiyyətdə olmaq istəyirik. Təəssüflər olsun ki, bizi bu imkandan da məhrum etdilər.
Yeri gəlmişkən, bir təkliflə çıxış etmək istərdim. Bu da Milli Məclisdə Prezident Administrasiyasının və Nazirlər Kabinetinin səlahiyyətli nümayəndəsi ştatının təsis edilməsidir. Necə ki, Rusiyada və digər ölkələrin parlamentlərində belə bir vəzifə var və çox səmərəli işləyirlər. Qanunverici və icraedici orqan arasında vasitəçi, körpü rolunu oynayırlar.
İndi büdcə zərfinin müzakirəsinə qayıdaq. Hörmətli maliyyə naziri Samir Şərifovun məruzəsini böyük məmnuniyyətlə dinlədim və 2010-cu il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin əsas müddəalarını dəstəkləyirəm. Hesab edirəm ki, Nazirlər Kabinetinin müxtəlif qurumları, xüsusən də Maliyyə Nazirliyi çox yüksək peşəkarlıq və profesionallıq göstərərək, Milli Məclisə sanballı, gerçəkliyi əks etdirən, eyni zamanda, perspektivli bir sənəd təqdim etmişdir. Biz onun qəbul edilməsində səylərimizi əsirgəməyəcəyik.
Mən Hesablama Palatasının rəylərini də çox yüksək qiymətləndirirəm. Şəxsən mənə, – iqtisadiyyat üzrə mütəxəssis olmayan bir adama, – bu rəy büdcə zərfini qavramağa və analiz etməyə çox böyük köməklik göstərib. Hesablama Palatasının əməkdaşlarına mən dərin minnətdarlığımı bildirmək istərdim. Əlbəttə, qeydlər və təkliflər hamımızda var. Bu da təbii qarşılanmalıdır. Məsələn, deputatların əksəriyyəti elmə, səhiyyəyə, mədəniyyətə ayrılan büdcə xərclərinin xüsusi çəkisini daha yüksək görmək istərdilər. Mən Sosial siyasət komitəsinin üzvü kimi bu sənəddə sosial sahəyə ayrılan vəsaitlərin həcmini daha yüksək görmək istərdim. İstərdim ki, gələn il müəllimlərin maaşı, xüsusən rayonlarda, kənd məktəblərində işləyən müəllimlərin maaşı artsın. Arzu edərdim ki, pensiyaların baza hissəsi, dediyimiz kimi, heç olmasa, ildə bir dəfə artsın, habelə gələn ilin büdcəsində rayonlarda yerləşən mədəni obyektlərin təmirinə və bərpasına daha çox vəsait ayrılsın.
Bu barədə Qənirə xanımın da təklifini bəyənirəm. Mən də Qənirə xanım kimi dörd il ərzində dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Bu və ya digər kənddə kitabxana tikilməsini, mədəniyyət evinin bərpasını, rayonda yerləşən unikal etnoqrafik muzey binasının əsaslı təmirini xahiş etmişəm. Lakin vəsait çatışmazlığı ucbatından müsbət cavab ala bilməmişəm. Halbuki, inanın, yerlərdə, rayonlarda mədəniyyət obyektləri çox acınacaqlı vəziyyətdədir. Digər tərəfdən mən başa düşürəm ki, böyük inkişaf və böyük quruculuq işləri iri investisiya tələb edir və ona görə də büdcəmiz müxtəlif investisiya proqramlarına qoyulan vəsaitin həcminə görə fərqlənir. Başa düşmək lazımdır ki, respublikaya ilk növbədə yeni müasir yollar, təzə məktəb və xəstəxanalar, yeni institut və universitet binaları, su xətləri lazımdır.
Dünya iqtisadiyyatında maliyyə böhranı baş verəndə hətta müxalifət yönlü iqtisadçılar başa düşdülər ki, bu, yeganə və doğru yoldur. Yadımdadır, “İzvestiya” qəzetində məşhur rus iqtisadçısı, Nobel mükafatı laureatı Yakovlev Putin hakimiyyətinin ən uğursuz cəhətlərini sadalayırdı. Onun fikrincə, Vladimir Putinin ən böyük səhvi onda idi ki, Rusiya prezidenti neft və qazdan gələn nəhəng gəlirləri işlətmədi, iqtisadiyyata, səhiyyəyə, sosial sahəyə yönəltmədi. Həmin nəhəng vəsaitləri qorumaq üçün xaricdə yerləşən müxtəlif rezerv fondlara qoydu və orada hərəkətsiz saxladı. Maliyyə böhranı nəticəsində isə bu vəsaitlər, – guya gələcək nəsillər üçün saxlanılan vəsaitlər, – 40-50 faiz azaldı, bəzən də sıfıra endi.
Yadımdadır, bizim müxalifətyönlü siyasətçilərimiz də deyirdilər ki, İlham Əliyev komandası neftdən gələn gəlirləri xərcləyir, investisiya proqramlarına yönəldir, bu pulları gələcək nəsillər üçün saxlamaq lazımdır və sair. Nəticədə nə oldu? Pullar işlədi, yollara, aeroportlara, park və meydanlara, diaqnostik mərkəz və xəstəxanalara çevrildi. Hələ uzun illər, hətta gələcək nəsillərə də işləyəcək. İndi ən məşhur dünya iqtisadiyyatçıları bizim düzgün yol seçdiyimizi təsdiq edir və bizi alqışlayırlar. İnanmaq istərdim ki, iri investisiya layihələri tədricən azalacaq, bunun hesabına büdcə vəsaitləri, insan kapitalının inkişafına və sosial sahəyə daha böyük həcmdə vəsait yönəldiləcəkdir.
Eyni zamanda, bir məsələyə də toxunmaq istərdim. Bu da əhalimizdə ələbaxımlıq psixologiyasının güclənməsidir. Bilirsiniz, sovetlər vaxtında maaşlar o qədər də yüksək deyildi. Biz hamımız iki, bəzən üç yerdə işləyirdik. Evə də iş götürürdük ki, ailələrimizi saxlaya bilək. İndi rayona gedirsən, yanına cavanlar gəlir və sizdən pul istəyir, hətta iddia edir ki, xəstədir, ona əlillik təqaüdü almağa köməklik göstərməyi xahiş edir. Ailələrdə 3–4 pensiyaçı var. Heç kim də işləmir. Özü də söhbət 30–40 yaşında olan cavan nəsildən gedir. Ortaya sual çıxır, əhalisinin yarısından çoxu təqaüdçü olan dövlət necə yaşasın? Necə inkişaf etsin? Bunu da başa düşmək lazımdır.
Ümumiyyətlə, mən ünvanlı sosial yardımın verilməsinin tərəfdarı deyiləm. Çünki rayonlarda ailələrin əksəriyyəti indi onunla məşğuldur ki, gəlirlərini gizlətsin, özlərini yoxsul təbəqənin nümayəndəsi kimi qələmə versin və bir təhər bu sosial yardımı dövlətdən qoparsın. Bununla da əhalidə işləmək həvəsi bir qədər səngiyib. Hesab edirəm ki, ünvanlı sosial yardım eksperimenti özünü o qədər də doğrultmadı, əhalidə ələbaxımlıq psixologiyasını daha da artırdı. Ona görə də bu institutun iş mexanizmləri haqqında təzədən düşünmək lazımdır.
Bir məsələyə də diqqətinizi yönəltmək istərdim. Axır zamanlar ekologiya məsələlərinə diqqət artıb. Gələn il ekologiya ili elan olunub. Bununla əlaqədar yerlərdə, xüsusən kəndlərdə zibilin daşınması, yerləşdirilməsi və utilizasiyası məsələsinə diqqət artırılmalıdır. Hələlik mənzərə heç də ürəkaçan deyil. Dövlət başçısının təşəbbüsü ilə rayonlarımız abadlaşır, gözəlləşir, yaşıllaşır, lakin zibil problemi bütün bu işlərin üstündən xətt çəkir.
Su kanalları, axan çaylar güclü sel olanda daşqınlara səbəb olur. Mən daha turizmin inkişafına dəyən mənəvi, maddi ziyan haqqında demirəm. Bu həm də yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Xahiş edirəm ki, bu işlərə pul ayrılsın. Bütün yerlərdə, xüsusilə kəndlərdə zibil çənləri qoyulmalıdır. Zibil daşıyan maşınlar ayrılmalıdır və zibil poliqonları rayonlarda qurulmalıdır. İnanın ki, bu problem ciddi problemdir və zibil poliqonları olmasa, biz ekoloji cəhətdən təmizlikdən danışa bilmərik.
Bir də rus dilində «упаковочный материал» deyirlər, bilmirəm, Azərbaycan dilində necədir. Qərb ölkəsində indi mağazalarda üstünlük kağız paketlərə verilir. Təzə polietilen növlərinin istehsalına başlayıblar. Onlar 50-100 ilə yox, yarım, bir il ərzində çürüyüb məhv olur. Biz də bu haqda fikirləşməliyik. Çünki polietilen topbalar torpaqlarımızı zəhərləyir və sabah bizim üçün böyük bəlaya çevrilə bilər. Ekologiya Nazirliyi, “Azərkimya” və sair təşkilatlar bu problemlə daha ciddi məşğul olmalıdırlar.
Axırda müvafiq təşkilatlardan Masallı rayonunda qazlaşma prosesinin davam etdirilməsini və kəndlərdə sayğacların qoyulmasını xahiş edərdim. Əhali öz hesabına boru xətlərini bərpa edir, yerli iş adamları xeyli vəsait sərf edirlər. Lakin sayğac verilmədiyinə görə həmin qaz xətləri uzun müddətdir ki, fəaliyyətsizdir. Bu da Masallı rayon sakinləri tərəfindən ciddi narazılıqla qarşılanır. Mən büdcə layihəsini dəstəkləyir və deputatları onun lehinə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət nümayəndələri, qonaqlar! Bugünkü büdcəmiz çox ehtiyatla tərtib olunub. Bu da, təbii olaraq, dünyada hökm sürən maliyyə böhranı ilə, iqtisadi tənəzzüllə bağlıdır. Etiraf etməliyik ki, ötən ilki büdcə sekvestri Azərbaycanda keçirilməyib, dünyada baş verən iqtisadi tənəzzülə baxmayaraq, özünü doğrulda bilib, manatın məzənnəsini qoruyub saxlamağa nail olmuşuq. Müəyyən qədər belə bir ehtiyatlı büdcənin tərtib olunmasında da ümid yeri var.
Neftin qiymətinin 55 manatdan müəyyən edilməsi o deməkdir ki, Azərbaycanın enerji sektorunda gəlirlər çox olarsa, sonradan büdcənin müzakirəsinə yenidən qayıda bilərik, əldə edilən gəlirləri müvafiq istiqamətlərə yönəldə bilərik. Onun üçün büdcənin kəsiri də təhlükəli rəqəm deyil, 4 faizdən aşağıdır. Biz düşünürük ki, gələcəkdə ölkənin iqtisadi inkişaf tempini yenidən bərpa edə bilərik və ölkə büdcəsində müəyyən imkanlar yaranarsa, onlar müvafiq sahələrə yönəldilə bilər.
Amma bir neçə sahə var ki, həmin sahələrdə zəruri islahatların həyata keçirilməsi labüddür. Onlardan biri də səhiyyə sahəsidir. Bilirsiniz ki, son illər Azərbaycanın bir sıra bölgələrində böyük diaqnostik mərkəzlər yaradılıb, mərkəzi xəstəxanalara yeni avadanlıqlar alınıb. Amma burada insan amili heç bir rol oynamayıb. Müvafiq kadrların hazırlığı, Azərbaycan səhiyyəsinin təhsil sistemi, həkimlərin təkmilləşdirilməsi zəruri səviyyədə olmadığına görə biz bu gün yenə də xarici mütəxəssislərdən istifadə etməyə məcbur oluruq, yaxud Azərbaycan vətəndaşları müalicə olunmaq üçün xaricə getməli olurlar.
Nəhayət, ölkədə sığorta-səhiyyə sisteminə keçid çox önəmlidir. Biz bu islahatları həyata keçirməsək, büdcə vəsaitlərimizi, səhiyyə sahəsinə ayrılan xərcləri artırsaq da, bu xərclərin heç bir səmərəsi olmayacaq. Çünki vətəndaşlar yenə də sovet sisteminə uyğun olaraq, aşağı səviyyədə maaş alan həkimlərə öz ciblərindən ödənişlər həyata keçirməyə məcbur olurlar. Ona görə də Nazirlər Kabineti yaxın müddətdə səhiyyədə sığorta sisteminə keçidi təmin eləmək üçün zəruri addımlar atmalıdır.
Təhsil sistemi Azərbaycanın gələcəyi üçün ən önəmli məsələdir. Azərbaycanın ali təhsil sisteminin Baloniya sisteminə keçidi ilə bağlı Prezidentin mühüm sərəncamı olmuşdur. Amma mən yenə də baxıram ki, nə Nazirlər Kabineti, nə də bizim hörmətli Maliyyə Nazirliyimiz bu sərəncamdan irəli gələn vəzifələrin öhdəsindən gələ bilməyib. Yəni Azərbaycanın universitetlərini müvafiq Baloniya sisteminə uyğunlaşdırmaq üçün kadr sistemində islahatlar aparmayıblar. Eyni zamanda, universitetlərin maliyyələşdirilməsi istiqamətində zəruri addımlar və dəyişikliklər həyata keçirilməyib. Tutaq ki, hansısa universitet Baloniya sisteminə tam keçidə hazır olarsa, onda Nazirlər Kabinetinin müvafiq sənədlərini pozmağa məcbur olacaq.
Bu sahədə zəruri islahatlar sürətlə həyata keçirilməlidir. Dəfələrlə məsələ qaldırmışdıq ki, adambaşına təhsilin maliyyələşməsi istiqamətində addımlar atılmalıdır.
Azərbaycanda qəribə vəziyyət yaranıb. Bizdə bir müəllimə 7 şagird düşür, dünyanın inkişaf eləmiş ölkələrində, Amerika Birləşmiş Ştatlarında müəllimin 24 şagirdi var, Avropada 28 şagirdi var. Belə çıxır ki, bizdə müəllimlərin sayı Amerikadan, Avropadan 3 dəfə çoxdur.
Əslində, söhbət ondan gedir ki, müəyyən qədər işsizlik müavinətinə bənzər maaşları müəllimlərə veririk və düşünürük ki, burada keyfiyyətli təhsildən söhbət gedə bilər. Deməli, zəruri islahatlar həyata keçirilməlidir. Bəlkə lazımdırsa, başqa ölkələrdə uğurla tətbiq edilən vauçer proqramlarını bizim orta təhsil sahəsinə tətbiq eləməklə, yaxud pilot layihə kimi bunu başlamaq lazımdır. Nəhayət, Azərbaycan təhsilinin maliyyələşməsi normal bir sistemə otura bilər. Belə çıxır ki, Stalinin dediyi kimi, ənənəvi olaraq həkimlərin, müəllimlərin maaşlarını artırmayın, onların yaxşılarını xalq yedizdirəcək, doyuzduracaq. Mənə elə gəlir, müasir təhsil sisteminə keçməliyik ki, gələcək nəsilləri ölkənin qarşısında duran problemlərin həllinə hazır səviyyəyə gətirib çıxara bilək.
Bir neçə dəfə biz Azərbaycanın diplomatik sisteminin müvafiq maliyyə dəstəyinə ehtiyacı olması məsələsini qaldırmışıq. Doğrudan da, xoşagəlməz vəziyyətdir ki, bu gün Azərbaycanın Xarici İşlər Nazirliyi ştat vahidlərinin az olduğuna görə ölkənin artan diplomatik nüfuzunu tam əhatə edə bilmir. Təqribən 80–100 nəfərlik yeni kadr korpusu lazımdır ki, bu gün bir neçə istiqamətdə layiqincə xarici siyasət idarəsində təmsil olunsun. Eyni zamanda, maaşların səviyyəsi, mənə elə gəlir ki, tam ədalətsizdir. Prezidentin müvafiq sərəncamı ilə ötən il 25 faizə yaxın artım olmasına baxmayaraq, bu gün Xarici İşlər Nazirliyi beynəlxalq şirkətlər və təşkilatlarla rəqabətdə uduzur. Bir neçə dil bilən istedadlı gənclərimiz bu sistemə işə getmir, Azərbaycan onlardan öz dövlət siyasətində istifadə edə bilmir. Bu da böyük bir itkidir.
Mən çox istərdim ki, bizim büdcəmizdə müəyyən artım müəyyənləşsə, gəlirlər artsa, müharibə əlillərinə olan müavinəti qaldırmaq olar. Keçən dəfə də sosial məsələləri müzakirə edəndə qeyd eləmişdik ki, II Dünya müharibəsi əlillərinin müavinəti yüksəkdir. Biz hələlik Qarabağ əlillərinə bu səviyyədə müavinət verə bilmirik. Bütün xalqımızın və dövlətimizin borclu olduğu şəxslərə öz borcumuzu verə bilərik.
İki sahə ölkənin gələcəyi üçün çox önəmlidir. Bu, mədəniyyət və gənclər siyasəti ilə bağlıdır. Təəssüflə qeyd eləməliyəm ki, bu sahəyə ayrılmış vəsaitlər yetərincə deyil. Bölgələrdə hörmətli millət vəkilləri artıq bu məsələni qaldırmışdılar. Düşünürəm ki, bölgələrdə Azərbaycana qarşı yönəlmiş hansısa mənfi radikal təbliğatın qarşısını ala bilən, müdafiə edə bilən və bərqərar edə bilən sistem formalaşmalıdır və onun maliyyə mənbələri tapılmalıdır. Gənclərlə çox ciddi iş aparmaq üçün, mənə elə gəlir ki, bölgələrdə idman komplekslərini yaratmaqdan savayı, müvafiq gənclər mərkəzlərinin yaradılmasına da ehtiyac var. Ümumiyyətlə, mən büdcəni real büdcə hesab edirəm. Lakin müvafiq islahatlardan sonra bu büdcənin xalqımıza verə biləcək səmərəsini artırmaq üçün zəruri islahatları həyata keçirmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli hökumət nümayəndələri, hörmətli media mənsubları! Bu gün Azərbaycanda və ölkəmizin sərhədlərindən kənarda hər kəsə gün işığı kimi aydın olan bir həqiqəti bir daha vurğulamağı və bu həqiqəti bəzi həmkarlarıma xatırlatmağı özümə borc bilirəm. Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin əzmkarlığı, dərin məfkurəsi və güclü uzaqgörənliyi nəticəsində ölkədə bütün sahələri əhatə edən çox köklü, əsaslı islahatlar həyata keçirilməyə başlandı. Məhz bu islahatları aparan müdrik siyasət sahəsində Azərbaycan öz ayaqları üzərində möhkəm dayandı, dünyanın bərabərhüquqlu üzvünə çevrildi. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Bu siyasət Azərbaycanın bu günü, sabahı, gələcəyi üçün yeganə siyasətdir.
Ötən illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənən bütün dövlət proqramları və aparılan islahatlar da ölkənin astronomik sürətlə inkişafına səbəb olub. Ən başlıcası, həyata keçirilən dövlət siyasətində insan amili ön plana çəkilib. Ola bilər ki, kimsə bu inkişafı görmək istəmir, bu onların öz işidir. Bu gün müzakirə etdiyimiz dövlət büdcəsi də Azərbaycanın bütün sahələr üzrə inkişafının bariz ifadəsidir. Mən ölkəmizin 2010-cu il dövlət büdcəsi haqqında məndən əvvəl çıxış edən və haqlı olaraq onu müsbət səciyyələndirən bütün həmkarlarımın fikrini bölüşür və xüsusi olaraq demək istəyirəm ki, dünyada mövcud olan böhranlı bir şəraitdə sosial yönümlü büdcənin formalaşdırılması çox müsbət bir haldır.
Hamınıza məlumdur ki, respublikamızda elm, təhsil, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə görülən işləri bizə ayrılan müddətdə sadalamaq, təbii ki, mümkün deyil. Lakin mən bir cümlə ilə də olsa, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işləri, həyata keçirdiyi missiyanı xatırlatmaq, dövlət büdcəsinin bu sahəyə xüsusi qayğısını yada salmaq istərdim. Bu gün müzakirə etdiyimiz 2010-cu ilin dövlət büdcəsində bu sahəyə ayrılan xərclər və bu xərclərin istiqamətləri də nikbinliyə əsas verir.
Lakin bütün bunlarla yanaşı, büdcə xərclərində indi sadalayacağım istiqamətlərin də nəzərə alınmasını xahiş edirəm. İlk olaraq toxunacağım məsələ üzvü olduğum Mədəniyyət komitəsinə ayrı-ayrı sənət adamlarından daxil olan müraciətlərlə bağlıdır. Nüfuzlu, populyar, xalq arasında şöhrət qazanmış aktyorlar bu gün dövlət qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan sənətkarlar maddi cəhətdən təmin olunublar. Onların maaşlarına əlavələr, mükafatlar verilib, fərdi təqaüdlər alırlar. Lakin heç bir adı olmayan, mükafat almayan, dövlət tərəfindən təltif edilməyən, əgər belə demək mümkündürsə, əlavə gəliri olmayan, toylara getməyən səhnə ustaları var ki, 150-180 manat maaş alırlar. Gəlin, qəbul edək ki, həmin maaşla səhnədə nə Otello, nə Məcnun rolunu oynamaq olar, nə Dezdomona, nə də Leyli yaratmaq olar. Müalicəsi külli miqdarda vəsait tələb edən xəstəliklərə düçar olan sənətkarların, sənət adamlarının ödənişsiz və ya güzəştli müalicə olunmaları üçün Mədəniyyət Nazirliyinin xüsusi fondu yoxdur. Bunun da nəzərə alınmasını xahiş edirəm.
Üçüncü problem mənzillə bağlıdır. Burada, sadəcə, sənətkarların müraciətindən söz getmir, bu sırada ömür-gününü, sözün əsl mənasında, təhsilə, gənc nəslin elminə, tərbiyəsinə, yetişməsinə həsr edən qocaman müəllimlər var ki, taleyin ucbatından, müxtəlif səbəblərdən hazırda mənzilləri yoxdur. Onların arasında bizim deputatlarımız da var və həmin müəllimlər bizə müraciət edirlər. Təəssüf ki, biz onlara heç bir köməklik eləyə bilmirik.
Mənzil problemindən söhbət getmişkən, hərbçi ailələrinin mənzil təminatına da toxunmaq istəyirəm. Ölkənin müdafiə gücü sayılan bu insanların, rütbəli zabitlərin xidmət etdikləri yerlərdə ailə üzvlərinin sayına və tərkibinə uyğun normal mənzillə təmin edilməsi vacibdir.
Bir təklif də vermək istəyirəm. Keçən il büdcə müzakirə edilərkən hörmətli həmkarım Əli Əhmədov belə bir təklif irəli sürdü ki, aztəminatlı ailələr və ya təminatı aşağı olan ailələrin mənzillə təmin edilməsi üçün dövlət vəsaiti hesabına 10 minlik proqram əsasında 3 milyard manat vəsait ayrılsın. Həmin vəsait 25 illiyə verilsə, bu gün mənzil bazarında mövcud olan pərakəndəliyi və süni surətdə qaldırılan qiymətləri də tənzimləmək olar. Mənə elə gəlir ki, bu məsələ üzərində də fikirləşmək diqqətəlayiq  olardı.
Toxunacağım bir məsələ də teleradio ilə əlaqədardır. Efir məkanı haqqında bundan bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri hörmətli Ramiz Mehdiyevin yazdığı məqalə hamımızın yadındadır. Əslində, akademik bu məqaləsi ilə mənəvi islahata çoxdan ehtiyacı olan bir sahənin həyəcan təbilini çaldı. Televiziya, radio üçün ixtisaslı kadrlar hazırlayan ali təhsil müəssisəsi və ya fakültəsinin açılmasını təklif edirəm. Deyə bilərsiniz ki, bunun üçün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi var, Dövlət Mədəniyyət və İncəsənət Universiteti var. Lakin təcrübə göstərir ki, həmin təhsil müəssisələri Azərbaycan efirinin səviyyəsinin saxlanmasında yetərli deyil. Deməli, daha dar, daha dərin ixtisas verən bir müəssisənin yaranmasına ehtiyac var.
Hörmətli hökumət üzvləri, mən bir neçə kəlmə də təmsil etdiyim rayonun problemləri haqqında danışmaq istəyirəm. İlk növbədə qazlaşmada yaranan problemləri qeyd edəcəyəm. 2004–2008-ci illərdə rayonun 10-dan çox kəndinə qaz çəkilməsi nəzərdə tutulmuşdu. Lakin ötən illər ərzində, sadəcə, 2 kəndə və bu kəndin də bir neçə yaşayış massivinə qaz xətti çəkilmişdir. Mən xahiş edirəm, heç olmasa, dövlət proqramı çərçivəsində rayon mərkəzinə yaxın məsafədə yerləşən kəndlərin qısa müddətdə qazlaşdırılması üçün vəsait ayrılması təmin edilsin. Həmin kəndlərin siyahısını daha sonra səlahiyyətli təşkilatlara təqdim edəcəyəm.
Toxunmaq istədiyim ikinci məsələ suvarma sistemləri ilə əlaqədardır. Rayonun bir çox kəndləri bu günə qədər Qızıl kanalı adlanan bir kanalın suyu ilə təmin edilib. Lakin son iki ildə bu kanalda qazma işləri aparıldığından lil su kanalını sıxıb və beləcə, 10 min hektardan çox torpaq sahəsinin suvarılması müşkülə çevrilib. Həmin kanalın bərpası da çox vacibdir. Kiçik kanallar isə artıq tamamilə aşınmışdır. İrriqasiya sisteminin yenidən qurulmasına ehtiyac var.
Mən su probleminin həlli ilə bağlı bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, bundan bir neçə il əvvəl Dövlət Neft Fondunun hesabına Mingəçevirdə yerləşən Varvara su hövzəsindən 160 kubmetr kanal çəkilməsi nəzərdə tutulurdu. Bu kanal vasitəsi ilə Zərdab, Ağdaş, Kürdəmir rayonları su ilə təmin olunmalı idi. Bu məsələnin də dəyərləndirilməsi çox böyük səmərə verə bilərdi. Digər problem rayonda kanalizasiya sisteminin olmaması ilə bağlıdır. Dünya Bankının krediti və dövlət vəsaiti hesabına kanalizasiya sisteminin bu il inşa edilməsi nəzərdə tutulmuşdu. Lakin bu işdə də hələlik heç bir irəliləyiş yoxdur.
Təbii ki, gələcəyimiz üçün çox əhəmiyyətli olan təhsilə də toxunmaya bilmirəm. Son illərdə Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə və dövlət vəsaiti hesabına təmsil edildiyim rayonda 6 yeni məktəb tikilmişdir. Lakin növbəsini gözləyən bir çox kəndimiz vardır. Mən Təhsil Nazirliyindən, – doğrudur, hörmətli Misir müəllim hazırda yoxdur, – xahiş edərdim ki, büdcədən vəsait ayrılarkən bizim kəndlərimizi də unutmasınlar.
Çıxışımın sonunda demək istəyirəm ki, bundan bir neçə gün əvvəl Azərbaycanın böyük təhsil ocağı, məbədi olan Bakı Dövlət Universitetinin 90 illiyi böyük bir təntənə ilə qeyd edildi. Cənab Prezident həmin tədbirdə iştirak etdi. Mən fürsətdən istifadə edərək, bir az gec də olsa, həmin universitetin müəllim deputatlarını, həmkarlarımı təbrik etmək istəyirəm. Fərəhli haldır ki, yubiley çərçivəsində 107 nəfər təltifə layiq görüldü. Onların içərisində bizim həmkarlarımız da var. Hörmətli akademik, Bakı Dövlət Universitetinin rektoru Abel müəllim cənab Prezidentin sərəncamı ilə “Şöhrət” ordeninə, hörmətli professor Cəmil Həsənli də “Əməkdar müəllim” adına layiq görülüb. Mən fürsətdən istifadə edərək hər ikisini təbrik etmək istəyirəm.
Mən büdcəyə səs verəcəyəm və digər həmkarlarımı da səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Təbii ki, Azərbaycanın indiki şəraitində hamını razı salan büdcə hazırlamaq çətin işdir və büdcə ilə bağlı tələblər, qeydlər həmişə olub və olacaq. Mən seçildiyim rayonlarla bağlı bir-iki vacib məsələni demək istəyirəm və xahiş edirəm ki, gələnilki büdcədə bu, nəzərə alınsın.
Bunlardan biri Yardımlı rayonunda 8-9 kəndi rayon mərkəzi ilə birləşdirən, neçə ildən bəri davam edən, yarımçıq qalmış 7 kilometrlik ana yoldur və camaat illər uzunu həmin yolu düzəltməyi məndən xahiş edirlər. Daş döşənib, amma yarımçıq qalıb. Yerli yol idarəsinə də vəsait ayrılmır. Təəssüf ki, yol idarələrinə bəzən əmək haqqı verilir, amma əlavə vəsait verilmir ki, bu yolları yerli imkanlar hesabına tamamlasınlar. Ona görə respublika təşkilatlarının bu işə müdaxiləsi zəruridir.
İkincisi, yenə həmin rayonda, – dağ rayonu olsa da, – içməli suya olan ehtiyac nəzərə alınmalıdır. Heç olmasa, ildə 1-2 artezian quyusu qazılmalıdır. Bu vacibdir. Bu barədə əlaqədar səhmdar cəmiyyətə məktub da yazmışam və xahiş edirəm, bu da nəzərə alınsın. Bir rayon üçün iki artezian quyusu qazmaq böyük problem deyil.
Masallı rayonunda Bakı–Astara magistralından Yenikənd və Güllütəpə deyilən, yolun yaxınında yerləşən qəsəbələrə 5 kilometrlik yol çəkilməlidir. Bu kəndlərin ətrafında 5–6 böyük kənd var, daş döşənib, vaxtilə burada asfalt olub, amma indi yeyilib. Xahiş edirəm, bu məsələ də nəzərə alınsın.
Bir sıra başqa məsələlər barədə danışılıb, təkrarçılıq eləmək istəmirəm. Əsasən, mədəniyyət məsələlərindən danışmaq istəyirəm. Amma bir halda ki kəndlərdən söhbət düşdü, bizim hər il təkrar etdiyimiz bir məsələ yenə bu büdcədə görünür. Kənd rayonlarına, ümumiyyətlə, kənd təsərrüfatına ayrılan vəsait, təəssüf ki, bizim istədiyimiz səviyyədə deyil. Ona görə də kənd yerlərində torpaqlar əkilmir, cavanların bir hissəsi köçüb gedir, iş tapılmır. Ümumiyyətlə, kəndlə əlaqəsi olan adamlar xüsusən dağ rayonlarında vəziyyətin necə kritik bir həddə çatdığını yaxşı bilirlər.
Büdcənin sosial yönümlü olmasından burada çox danışıldı və bunu hamımız etiraf edirik. Amma təəssüf ki, əmək haqqı və sosial yardımla kommunal xərclər arasında və əhalinin tələbatı arasında çox ciddi fərq var və uyğunluq yoxdur. Qiymət siyasətində aydınlıq görünmür. Hər nazirlik öz qiymətini qoyur və biz bilmirik ki, işığın, suyun, qazın qiyməti, yaxud başqa xərclər hansı meyarlarla, hansı dəyərlərlə və necə ölçülür. Ona görə bu məsələyə də aydınlıq gətirilməlidir. Hətta Milli Məclisin deputatları bunu öz həyatlarında hiss edirlər ki, bu qiymətlər normal deyil. Onda əhalinin başqa təbəqələrinin vəziyyətini daha aydın hiss etmək olar.
Mən təhsil, səhiyyə, elm xərcləri ilə də tələbatın uyğun gəlmədiyini qeyd etmək istəyirəm. Bu barədə danışıldı. Son illərdə yaranmış ənənə davam edir. Yenə də büdcədə tikinti, təmir, sənaye və başqa sahələr müqayisə oluna bilməyəcək səviyyədədir. Nəzərə alsaq ki, Azərbaycanda bu gün 50 milyon tondan çox neft çıxarılır, fantastik bir səviyyəyə gəlib çatıb, amma bu neft amili bizim kənd təsərrüfatına, mədəniyyətə, elmə ciddi təsir göstərə bilmir. Biz həmin sahələri hansı illərin ümidinə qoyuruq? Bu məni çox ciddi narahat edir. Adını çəkdiyim sahələr, təmir-tikinti işlərinin aparılması vacibdir. Gözəl binalar tikilib, Bakı gözəlləşir. Təəssüf ki, gözəl binaların içərisində gözəl başlar, çox vaxt gözəl düşüncəli və millətini sevən insanların oturması bir problemə çevrilib. Eyni zamanda, kadr seçilməsi, işlərin düzgün aparılması, habelə bu sahəyə ayrılan pulların necə xərcləndiyi göz qabağındadır. Bir küçədə ildə bir neçə dəfə işıq dirəkləri, səki daşları dəyişdirilirsə, asfalt örtüyü ildə bir neçə dəfə təzədən sökülüb yenisi ilə əvəzlənirsə, həmin küçənin qırağında oturub iş gözləyən fəhlənin halını təsəvvür etmək olar. Bu, fəhləni təhqir etmək deməkdir. O görür ki, bu millətin pulları dirəklərə gedir, amma özü işsiz qalıb.
Mən təhsil və mədəniyyətimizin problemləri barədə iki-üç kəlmə demək istəyirəm. Bilirsiniz ki, Azərbaycanda məktəb tikintisi, xüsusilə ali məktəblərin təmiri son dərəcə yüksək səviyyədədir. Son illərdə təkcə mənim seçildiyim Yardımlı rayonunda 43 məktəb tikilib. Bu gözəl bir rəqəmdir. Amma təəssüf ki, Azərbaycanda yavaş-yavaş təhsil məktəblərdən evlərə daşınır. Ev təhsili, ev məktəbləri, repetitorların verdiyi təhsil artıq məktəbləri üstələyir. Onda fikirləşirsən ki, bu məktəblər niyə tikilir? Bəlkə biz ayrı-ayrı şəxslərin məktəblərini, yaxud ayrı-ayrı şəxslərin siniflərini açaq? Bunlara imkan verək, onların yetişdirdiyi uşaqlar axırda imtahan versinlər. Ev təhsili də bir üsuldur və bundan istifadə etmək olar. Məktəblərin nüfuzu hökmən qalxmalıdır. Müəllimlərin bəziləri məktəblərdə işləyir, amma təəssüf ki, məktəbdə həmin səviyyədə dərs keçilmir.
Azərbaycanda çox ciddi məsələlərdən biri olan kitabxana və kitab işinə diqqəti yönəltmək istəyirəm. Azərbaycan Prezidentinin açıqladığı bir rəsmi statistika var. O deyir ki, bu gün ölkədə olan kitabxanaların cəmi 0,7 faizi işlək vəziyyətdədir. Görün, nə qədər böyük bir faciədir ki, ölkədə kitabxanaların cəmi 1 faizinin qapısı açılıb-örtülür, yerdə qalanları işləmir. Bizim kitablarımız 300, 500 nüsxə çap olunur. 4500 kitabxana var. Bu kitablar hansı kitabxanalara çatır? Heç kim bununla məşğul olmur.
Büdcədə Mədəniyyət Nazirliyinə müəyyən miqdarda pul ayrılmalıdır ki, köhnə bibkollektor bərpa olunsun. Plan üzrə ən yaxşı kitablar sifariş əsasında rayon kitabxanalarına göndərilsin. Rayonlarda kitab dükanları yoxdur. Bakıda 120-dən çox kitab dükanı vardı. İndi onların hamısı ərzaq və ya pal-paltar dükanlarına çevrilib. Kitablarımız küçəyə töküldü, küçədən də vermirlər. Hər gün qutuya yığılıb sonra boşaldılan kitabın axırı nə ola bilər? Bir məmləkətdə ki kitab qorunmur, kitaba qayğı göstərilmir, onun gələcəyi haqqında danışmaq çətindir.
Azərbaycan öz mədəniyyəti ilə seçilib. Biz bu gün də öz mədəniyyətimizlə dünyada boy göstərə bilərik. Ona görə mən hesab edirəm ki, mədəniyyət haqqında ciddi düşünmək lazımdır. Nəzərə almalıyıq ki, bu kitablar təkcə bura üçün yox, həm də Güney Azərbaycan üçün nəşr olunub yayılmalıdır. Kitablarımızı biz bazar ümidinə qoya bilmərik. Azərbaycanın əhalisi 9 milyondur. 9 milyon tirajla kitab buraxıb, xeyir güdmək sadəlövhlükdür. Ona görə də, görünür, müəyyən güzəştlər lazımdır.
Bizdə qəzet kağızı əlavə dəyər vergisindən azad olunub. Amma kitabın vəziyyəti daha ağırdır. Ona görə də istərdim ki, kitablarımız da əlavə dəyər vergisindən azad olunsun. Bəzi ölkələrdə kitab dükanlarından, kitabxanalardan hətta icarə haqqı alınmır. Azərbaycan bu təcrübələrdən istifadə etməlidir. Yeni salınan məhəllələrdə məktəblərə yer ayrıldığı kimi, hökmən kitab dükanları üçün və kitabxana üçün də yer ayırmalıyıq. Rusiyada Putin kinoya pul ayırmadı, əksinə, kinoteatrların bərpasına pul ayırdı, yeni avadanlıq verdi və kino öz pulunu kinoteatrlardan çıxardı. “Azərbaycan” kinoteatrı istisna olunmaqla, respublikada başqa kinoteatr yoxdur. Millət ancaq televiziyaların ümidinə qala bilməz. Gənc mütəxəssislər çox ağır vəziyyətdədirlər. “Gənc mütəxəssis” deyilən bir anlayış var. İndi həmin anlayış bizdə unudulub. Gələn mütəxəssis bilmir, yarım ildən, bir ildən sonra ev növbəsinə dayana bilər, yoxsa yox.
Hörmətli nazirlər, hörməti hökumət üzvləri, sizin qapılarınız millətin üzünə nə vaxta qədər bağlı olacaq? Telefonlara cavab vermirsiniz, hər qapıda 3–4 polis işçisi dayanıb. Gələnləri binalara yaxın buraxmırlar. Bu bizim millətimizdir və siz də bu millətin övladlarısınız. Mən çox xahiş edirəm ki, mənəvi məsələlərə diqqət verilsin. Bu təkcə pulla bağlı deyil. Nə qədər istəsəniz pul var, amma itirilən dəyərləri biz qazana bilmərik. Hər millətin gələcəyi bəlli olmalıdır. Biz millətimizə nə aşılayırıq, onu hara aparırıq? Bu əxlaqla, bu münasibətlə bir-birimizə, millətimizə nə verə bilərik?
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Təşəkkür edirəm, cənab Sədr. 2010-cu ilin büdcəsi daxili faktorlar baxımından, yəni ümumi daxili məhsulun təxminən 7 faiz artımı və inflyasiyanın 3 faiz altında olduğu bir şəraitdə, habelə Azərbaycan manatının sabit olaraq 80 qəpiyin ətrafında hərəkət etdiyi bir şəraitdə reallaşacaq. Amma xarici amil qeyri-müəyyən olaraq qalmaqda davam edəcək. Ən yaxşı proqnozlara görə, dünyada gələn il iqtisadi artımın 2 faizin altında olacağı gözlənilir. Bizim daha çox ticarət etdiyimiz ölkələrdə də bilavasitə artım gözlənilmir, 10 faiz altında enmələr gözlənilir. MDB məkanında da 9 ayın göstəricilərinə görə, 9 faiz enmə var. Bu isə 2009-cu ildə bir sıra neqativ proseslərin Azərbaycan büdcəsinə təsir göstərmək imkanlarını artırır. Bu nədir?
Neftin qiyməti proqnozda göstərildiyi kimi, 45 dollar olmayacaq, bundan baha olacaq. Ona görə də Azərbaycanın 2010-cu il büdcəsi 10 milyard manatdan çox olacaq. Amma başqa məqamlarda maliyyə gərginliyi gözlənilir. O nədən ibarətdir? Bizə paylanan sənəddə daxili borclanma 2010-cu ildə 750 milyondan 2 milyard 250 milyona qalxır ki, Azərbaycanda daxili borclanma heç vaxt belə olmamışdı. Dövlət Neft Fondunun vəsaiti nəzərə alınmadan icmal büdcəyə də baxanda orada 290 faizdən çox kəsirin olması artıq 2009-cu ilin bir sıra maliyyə problemlərinin, gərginliyinin 2010-cu ildə olmasını, hətta 2011-ci ilə və sonrakı ilə keçmə ehtimallarını gücləndirir. Ona görə də əvvəlki dövrlərlə müqayisədə resursların səfərbər edilməsi, öz təyinatına görə istifadə edilməsi, daha qənaətcil mövqedən bu məsələlərə yanaşılması tələb olunur.
Tezis formasında bəzi məqamları deyirəm. Xaricdən də mütəxəssislər gətirməklə proqnozların köklü surətdə yenidən işlənilməsi istiqamətində irəliyə doğru addımlar atılmışdır. Keçən il biz dedik ki, 2009-cu ilin proqnozlarında ümumi daxili məhsulun 18,9 faiz artımı göstərilmişdi. Bir ay əvvəlki proqnozda göstərilir ki, 12,9 faiz artım olacaq. Mən bir balaca dəqiqləşmə aparanda məlum olub ki, indiki 6 faizdən bir qədər çox ola bilər. Bunları mütəxəssislərin köməyi ilə aradan qaldırmaq olar. Bu çox ciddi məsələdir. Çünki bütün göstəricilərin hamısı qeyri-müəyyən vəziyyətdə saxlanılır və proqnozların daha yaxşı, daha keyfiyyətli edilməsini vacib hesab edirəm.
İkinci məsələ büdcənin gəlirlərinin aşağı düşməsi ilə əlaqədardır. Yəqin ki, burada mütəxəssislər bu məsələni məndən yaxşı bilirlər. Proqnoz göstəriciləri ilə real göstərici uzlaşmalıdır. Bu ilin büdcəsində neftin qiymətini 70 dollar götürmüşdük. İlin birinci yarısında neftin qiyməti 100 dollara yaxınlaşdı və bir barel neftin qiymətindəki 1 dollar artımın büdcəyə təsirinə baxanda yuvarlaq rəqəm görürsən. Bu da təxminən 500 milyon manat təsir göstərə bilər. Bunun mənfi effektini də üst-üstə gələndə 1 milyard edir. Bəs yerdə qalan 1 milyard hansı amillərin təsiri altındadır? Məsələn, mənfəət vergisinin 70 faizdən 20 faizə endirilməsini mən alqışlayıram. Mənfəət 10 qatına qalxacaq. Bəs qalanları? Bu istiqamətdə təhlil aparmaq lazımdır.
Bu cür borclar gəlib 5,3 milyard manata çatıb. Bu, Gürcüstanın büdcəsindən 2 dəfə çoxdur, yaxud Azərbaycanın gələnilki büdcəsində əmək haqqına artırılan vəsaitdən 2,3 dəfə çoxdur, sosial müdafiəyə sırf ayrılan vəsaitdən təqribən 5 dəfə çoxdur. Bilirəm ki, bunların çoxunu qaytarmaq olmaz. Amma qaytarılması mümkün olan varmı? 3 manatdan 1 manatı qaytarmaq olarmı? Bu, kifayət qədər vəsait edir. Nazirlər Kabinetinin xüsusi qapalı müşavirəsi keçirilməli və bu məsələlər yüksək səviyyədə obyektivliklə təhlil olunmalıdır.
Ümumiyyətlə, Azərbaycanın büdcəsinə artıq qaytarılması mümkün olmayanlar məlumdur, amma mümkün olanların qaytarılması ilə büdcəyə əlavə vəsaitlərin gətirilməsi vacibdir. Amma indiki dövrdə büdcəyə əlavə vəsaitin gətirilməsinin ən etibarlı yolu islahatların dərinləşməsi, keyfiyyətcə yeni mərhələyə çıxmasından ibarətdir. Azərbaycanın buna kifayət qədər potensialı var. Mən hökumət nümayəndələrindən xahiş edərdim ki, bu istiqamətdə səyləri koordinasiya etsinlər, çünki burada xeyli dərəcədə əlavə vəsait var.
Bir məsələni də qeyd etmək istəyirəm. Neftdən kənar sahələr 5 faiz artacaq. Mülkiyyət münasibətləri nöqteyi-nəzərindən özəl sektor ümumi daxili məhsulun 62 faizini verir. Amma ümumi daxili məhsulun 7,7 faizi neftdən kənar sahədən alınacaq. Rəqəmləri bir-birindən çıxanda orada nə qədər ehtiyatın olması açıq görünür. Yaxud Azərbaycanda 2008-ci ilin göstəricilərinə görə 4 milyon 65 min adam işləyir. Onun 65-70 mini büdcənin 64 faizindən çoxunu verir, 4 milyonu isə büdcənin 36 faizindən azını verir. Bu da bir daha açıq formada göstərir ki, bu istiqamətdə ciddi təhlillərə ehtiyac var, əlavə mənbələri üzə çıxarmaq lazımdır. Bayaq qeyd elədiyim kimi, büdcə gərginliyini bu il də, bundan sonrakı il də, hətta bir neçə il bundan sonra da aradan qaldırmaq üçün həmin mənbələrdən istifadə edilməlidir. Mən hesab edirəm ki, bu yolla xeyli vəsaiti büdcəyə cəlb eləmək olar. Bu da büdcəni gərgin vəziyyətdən çıxarar, kifayət qədər əlavə vəsait ayrılmasına imkan verər.
Büdcə təşkilatlarında çalışanların əmək haqlarının neçə faiz artacağı büdcə proqnozundan çıxarılıb. Dövlət müəssisələrində əmək haqqının artırılması 17 faiz göstərilib. Amma əmək haqqı üçün ayrılan vəsait mütləq rəqəm etibarilə aşağı düşüb. Məntiq haradadır? İşçiləri çıxarıb, əmək haqlarınımı qaldıracağıq? Mən hesab edirəm ki, buna arayış verilməli, izahat verilməli və bu məsələlərə aydınlıq gətirilməlidir. Çünki bu məsələ bilavasitə əhalinin güzəranı ilə, problemləri ilə bağlıdır.
Nəhayət, mən bir məsələni də qaldırmaq istəyirəm. Bu büdcədə diqqət yetiriləsi əsas məsələlərdən biri də 2009-cu ilin büdcəsindən başlayaraq 2013-cü ilə qədər ikinci regional inkişaf proqramı ilə əlaqələndirmədir. Bax, bunu eləsək, hesab edirəm ki, regionların potensialı hesabına burada qalxan sualların xeyli hissəsi aradan qalxar. İnanın ki, xeyli hissəsinin problemini, yəni maliyyə baxımından, inkişaf baxımından həll eləmək olar. Aydın məsələdir ki, iqtisadi fəallıq aşağı düşəcək, amma regionlarda bunu qaldırmaq olar.
Bir misal çəkim. Şəkidə ipək kombinatında 5 mindən artıq adam işləyirdi. Bu isə 25 min adama çörək vermək deməkdir. İndi kombinatın işi yenidən bərpa olunub, amma 1600 adam işləyir. Bu da haradasa 7 minə qədər adama çörək verməkdir. Barama yetişdirənləri də bura əlavə edəndə, haradasa 20 minə qədər adamın güzəranının yaxşılaşması deməkdir. Amma elə vəziyyət yaranıb ki, həmin müəssisə çox iri olduğuna görə həmin müəssisənin işlətdiyi baramanın 95 faizindən çoxu xaricdən gəlir, 5 faizini özümüz istehsal edirik. Yaxın 10 ildə bəlkə də mümkün deyil, amma yaxşı olmaz ki, hansı üsullasa paralel surətdə həmin müəssisəyə kömək edək və 20 min adam iş yerindən məhrum olmasın. Eyni zamanda, bir balaca yerli istehsalın stimullaşdırılması istiqamətində irəliləyiş olsun, bir-birini tamamlasın. Beş ildən sonra yerli istehsal üstünlük qazana bilər. Mən deyərdim ki, başqa zavodlar da var. Bu minvalla bir neçə zavodun da işə düşməsinə rəvac verə bilər və bu yolla Şəkinin işsizlik probleminin həllində irəliyə doğru çox böyük bir addım atmış olarıq. Bu cür misalları çox çəkmək olar.
Hesab edirəm ki, 2010-cu ilin büdcəsi maliyyə baxımından gərgin olacaq, amma neftin qiymətinin ehtiyatlı götürülməsi o deməkdir ki, arzuolunmaz variantda belə sosial blok üzrə burada yazılanları reallaşdırmaq mümkündür. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, belə bir məsələ var. Biz həmişə neftin qiymətini dilə gətiririk. İndi dünyada hansı mütəxəssis təminat verə bilər ki, neftin qiyməti qalxacaq? Yaxud böhran bir ilə, iki ilə bitəcək? Təminat verən var? Mən də onu deyirəm. O ki qaldı proqnozlara, mən bir balaca düzəliş edim ki, 9 ayın yekununa görə artım 6,1 faiz idi, ancaq 10 ayın yekununa görə 8,3 faizdir. Yəni proqnoza hələ bir-iki ay da var. Buyursun Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Sədr, möhtərəm Milli Məclis, Azərbaycan hökumətinin möhtərəm üzvləri! Sovet dövründə az qala yasaq olunan “Az-ya” əsərində Oljas Süleymenov maraqlı bir fikir deyir. O deyir ki, bir kollektiv eyni sözü deyirsə, ya problem tamamilə həll edilib, ya da ikinci halda kollektiv özünü tükədib. Əlbəttə, burada bir neçə parlaq çıxış oldu, amma hökumət və hakim partiyanın nümayəndələrinin bir-birini təkrarlayan qələbə raportları məhz Oljasın ikinci fikrini ortaya qoyur.
Məhdud vaxt ərzində hansısa rəqəmə münasibət bildirmək, hansısa sahəyə ayrılan büdcə vəsaitinin az və ya çox olmasını iddia etmək kimi faydasız bir işə girişmək istəməzdim. Makroiqtisadi parametrlərin iqtisadiyyatdakı vəziyyəti dəqiq göstərə bilmədiyi fikir dünya iqtisadçılarının qəbul etdiyi ümumi fikirdir. Sovet dövründə də makroiqtisadi göstəricilərlə öyünürdülər. Sovet təkəbbürünün nə ilə nəticələndiyinin hamımız şahidiyik. Əslində, hər şey göz qabağındadır. Büdcənin gəlir hissəsinin təxminən yarısının Dövlət Neft Fondunun vəsaiti hesabına təmin edilməsi və büdcə kəsirinin 1,2 milyard manat həcmində müəyyən edilməsi ölkə iqtisadiyyatının vəziyyətini açıq-aydın göstərir.
Çox qəribə vəziyyət yaranır. Keçən il büdcə artdı, burada təriflər ərşə çıxdı. Büdcə azalır, yenə də təriflənir. Mövcud hakimiyyət büdcəyə vergi yığmaq istəmir. Böyük dövlət inhisarları büdcə borcunu ləğv etmək fikrində deyil. Vətəndaş vergini ödəmirsə, ona qarşı cinayət işi açılır və açılmalıdır. Amma dövlət inhisarçılarının büdcəyə borcu bir neçə milyardı keçib. Heç kəs onun fərqində deyil. Təkcə bu fakt ölkədə hüquqi dövlətin olmadığının açıq göstəricisidir.
Hörmətli millət vəkilləri, burada oturanların hamısı ikili mühasibatın nə olduğunu, onun kiçik və orta iş adamlarını necə əzdiyini gözəl bilir. Ölkədə vergi yerinə zorla feodal töycünün alındığı da bəllidir. Bu barədə hörmətli həmkarımız danışdı və onu “xərac” adlandırdı. Qanuna əsaslanan vergi sistemi olmayan, yaxud vergini yığa bilməyən, üstəgəl sərhədlərinə nəzarət edə bilməyən dövlətlər uğursuz dövlətlər sayılır. Məhz vergiyə və Qarabağa görə Azərbaycanı bəzi xarici müəlliflər bu kateqoriyaya aid edirlər.
İqtisadi-sosial vəziyyətin müzakirəsi ölkəni iki başlıca bəladan danışmağa zəruri edir. Hiperkorrupsiya və hiperinhisarçılıqdan danışmamaq mümkün deyil. Ciddi müzakirələr məhz bu bəlanın ləğv edilməsi yolları haqqında danışmağı tələb edir. Bu bəlaların nəticəsidir ki, Bakı dünyanın 20-ci bahalı şəhərinə çevrilib. Məncə, büdcənin ən zəif yeri onun konseptual hissəsidir. Hər şeydən əvvəl neft gəlirlərindən səmərəli istifadə məsələsi əsaslandırılmalı idi. Təəssüf ki, büdcə paketində onu görmədik. Doğru-dürüst konsepsiyanın olmaması doğru-dürüst siyasətin olmamasını şərtləndirir.
Belə getsə, mənim fikrimcə, birinci halda 100 il əvvəlki neft bumundan faydalana bilmədiyimiz kimi, bəxtimizə düşən ikinci neft bumundan da dəyərincə faydalana bilməyəcəyik. Neft gəlirlərinin bir hissəsi polis rejiminin gücləndirilməsi, digər hissəsi isə lazım olan infrastruktur layihələrə sərf ediləcək, amma daha böyük hissəsi havaya sovrulacaq. Ya da ən pis halda, ikinci variantda bu büdcə siyasəti, o cümlədən bu salonun bir az sonra ləbbeyk deməyə hazırlaşdığı bu layihə sosial gərginliyin artması istiqamətində yekə bir addım olacaq.
Hörmətli millət vəkilləri, indi makroiqtisadi göstəricilərdən yerə enib, vətəndaşın vəziyyətinə baxaq. Hansısa ucqar dağ kəndində, deyək ki, Yardımlının, Gədəbəyin dağ kəndində deyil, paytaxt şəhərində, Xətai rayonundakı 34 saylı dairənin ərazisindəki vətəndaş necə yaşayır? Əlbəttə, bəzilərinə bu çox gülməli görünəcək, kiçik görünəcək. Amma bir neçə problemi sadalamaq istəyirəm. 209 binanın 90 faizinin zirzəmisini su basıb. Sakinlər yay-qış evlərdə ağcaqanad qovurlar. Əhalinin xeyli hissəsi sovet dövründən qalma “ailəli yataqxanalar” deyilən bərbad şəraitdə yaşayır. Bu məsələ ilə bağlı çox danışmışam, bir daha buna vaxt sərf etmək istəməzdim.
Binaların əksəriyyətində istilik sistemi pozulub, onu bərpa etməyi isə sakinlərin boynuna qoyurlar. Onlar da imkansızlıqdan qışda evlərini elektrik enerjisi hesabına qızdıracaqlar. Bu da yoxsul ailələrin büdcəsinə ağır yük olacaq. Ya da su məsələsini götürək. Azərbaycanda elə bir şəhər yoxdur ki, onun su problemi artıq həll olunmuş olsun. Suyu bir-iki saat müddətinə verirlər. O da sakinlər üçün münasib olmayan vaxta təsadüf edir. Məhəllə yolları bərbad vəziyyətdədir. Evlərin arasındakı kiçik sahələr zəbt edilməkdədir və sair. Deyirlər ki, bütün bu problemlərin həlli üçün vəsait yoxdur. Nə vaxt müraciət edirsən, deyirlər ki, vəsait yoxdur, olanda bu məsələlərə baxacağıq.
Vətəndaşın sosial vəziyyətini xarakterizə edən amillər arasında görünməmiş bahaçılıq şəraitində maaşların son dərəcə az olması, tibb xidmətinin isə tam tərsinə, son dərəcə bahalı olması göz önündədir. Bir dəfə bu məsələni mən dilə gətirmişdim, yenə təkrar etmək istəyirəm. Yaxşı oldu ki, həmkarımız Asim Mollazadə də bu məsələ ilə bağlı danışdı. Pulsuz səhiyyə sistemi çoxdan ölüb. Yeni sığorta sistemi isə yaranmır. Nəticədə ailə üzvü kiçik əməliyyat keçirirsə, həmin ailə maliyyə böhranı qarşısında qalır.
Millət vəkillərinin hamısına işlə bağlı müraciətlər olur və bu müraciətlərin, düşünürəm ki, əksəriyyəti cavabsız qalır. Bizə də çox müraciətlər olur. Yazırlar ki, 800 min iş yeri var. Bu iş yerləri haradadır? Xətai rayonunda mən dediyim dairənin sakinləri həmin iş yerlərini niyə tapa bilmirlər? Saydığım və saya bilmədiyim bu ciddi problemlər göstərir ki, ölkədə güllük-gülüstanlıq yoxdur. Bu gün qəribə bir çıxışın şahidi olduq. Millət vəkillərindən biri dedi ki, hansı rayondasa heç bir problem yoxdur və həmin rayonun adını dəyişib ona “Gülüstan” adını vermək olar.
Bu büdcə layihəsi, mənim fikrimcə, vətəndaşın problemlərinin həllinə yönəlməyib. Sonda bir sualım var. Dünən qəribə bir fikir səsləndi. Təhsil büdcəsinin 5,6 faiz azalması keyfiyyət dəyişikliyinin göstəricisi kimi xarakterizə olundu. Misir müəllim yoxdur, mən istəyirəm, onun Aparatının nümayəndələrindən soruşum, siz bu yanaşma ilə razısınızmı? Əgər razı deyilsinizsə, həqiqətən də, bu ciddi bir sualdır. Çox güman ki, bu büdcənin tərtibi ərəfəsində onlar da müraciət ediblər. Azərbaycanda təhsil sisteminin normal hala düşməsi üçün, müəllimlərə normal maaş verilməsi üçün, universitetlərdə normal, zəngin kitabxanaların yaranması üçün təhsil sisteminə nə qədər büdcə lazımdır? Əgər bunu desələr, çox təşəkkür edərəm. Diqqətiniz üçün hamıya təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Nəsib Nəsibli, birinci çəkdiyiniz misal var idi, Oljas Süleymenovun sualı. Dediniz ki, bizim həmkarlardan kimsə keçən ildə olduğu kimi tərifə başladı. Misalın ikincisi sizə aid oldu. Yəni Siz də həmişə olduğu kimi, büdcə yüksək səviyyədə olanda da, azalanda da eyni sözləri təkrar edirsiniz. Yəni misal çəkəndə hər iki tərəfə aid olur.
Beş dəqiqə qalıb. Mən hesab edirəm ki, tənəffüs elan edək. Mənim belə bir təklifim var. Əgər razısınızsa, sabah günün birinci yarısında müzakirələri davam etdirək. Günün ikinci yarısında isə müzakirələrdə hökumət nümayəndələrinə verilən suallar cavablandırılsın. Sabah çalışaq ki, gündəliyin növbəti məsələsinə keçək. Etiraz yoxdur ki? Onda sabah görüşənədək. Sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi