2009-ci il 20 noyabr tarixli iclasın stenoqramı

 

MİLLİ  MƏCLİSİN  İCLASI

20 noyabr 2009-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Hörmətli deputatlar, hörmətli qonaqlar, xanımlar və cənablar, hörmətli media nümayəndələri! Sizi Milli Məclisin Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr edilmiş və YUNİSEF-lə birlikdə keçirilən iclasında səmimi salamlayıram. Uçaq hüquqları ilə bağlı ən mühüm beynəlxalq sənəd olan bu Konvensiyanın ildönümü dünyanın əksər ölkələrində qeyd edilir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və uşaqlarla bağlı demoqrafik perspektivlərin müəyyənləşdirilməsi məqsədilə 2009-cu il Azərbaycanda Uşaq ili elan edilmişdir. Ümid edirəm ki, Milli Məclisin bugünkü iclası da ölkəmizdə uşaq hüquqlarına verilən önəmi bir daha təsdiq edəcəkdir.
Məsələnin aktuallığını və əhəmiyyətini nəzərə alaraq, bugünkü iclasa uşaq hüquqları ilə əlaqədar təşkilatların rəhbərləri, yerli və xarici qeyri-hökumət qurumlarının, eləcə də kütləvi informasiya vasitələrinin müəssisələrinin nümayəndələri dəvət edilmişdir. Dəvətimizi qəbul etdiyinizə görə sizin hamınıza öz minnətdarlığımı bildirirəm.
Hörmətli deputatlar, hər bir millətin, hər bir ölkənin ən dəyərli sərvəti uşaqlardır. İstənilən cəmiyyətdə uşaqların mənəvi və fiziki sağlamlığının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi dövlətin inkişafı ilə bağlı olan strateji məsələlərdən biridir. Uşaqların xoşbəxt böyüməsi cəmiyyətin mənəvi-siyasi və sosial-iqtisadi inkişafının vacib meyarı və göstəricisidir.
Azərbaycan cəmiyyətində ailəyə, uşağa məhəbbət xalqımızın milli təfəkküründən qaynaqlanır. Ölkəmizdə uşaqlar dövlət və cəmiyyət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmuşlar.
Uşaq hüquqlarının həyata keçirilməsi üçün görülən işlərə Azərbaycan parlamenti də öz səlahiyyəti çərçivəsində dəstəyini  göstərir. Bu gün ölkəmizdə uşaq hüquqları sahəsində ən müasir qanunvericilik bazası formalaşmışdır. Bircə faktı qeyd etməliyəm ki, indiyə kimi Milli Məclisdə bu istiqamətdə 10-dan çox qanun, bütövlükdə isə uşaq hüquqlarına bu və ya digər dərəcədə toxunan 72 qanun və 11 məcəllə qəbul edilmişdir. Uşaq hüquqları sahəsində bir çox beynəlxalq konvensiyalar və sazişlər parlamentdə təsdiqlənmişdir.
Milli Məclisin təşəbbüsü ilə bu il martın 18-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Konstitusiyamıza uşaq hüquqları ilə bağlı ciddi əlavələr və dəyişikliklər də edilmişdir. Bütövlükdə Azərbaycan qanunvericiliyi bütün vətəndaşlar kimi uşaqların da hüquq və azadlıqları üçün təminatları nəzərdə tutur, o cümlədən yetim və ya valideyn himayəsindən məhrum olmuş, əlil uşaqların, müxtəlif səbəblər nəticəsində yararsız həyat şəraitinə məruz qalan uşaqların müdafiəsini gücləndirir.
Azərbaycan dövlətinin uşaq hüquqlarının qorunmasına verdiyi əhəmiyyət ailə, qadın və uşaq problemləri ilə məşğul olan ayrıca bir dövlət qurumunun yaradılmasında da öz təzahürünü tapır. Uşaqlara qayğı göstərilməsi ilə bağlı dövlət proqramları uğurla həyata keçirilir. Bu proqramlar uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və onlara alternativ qayğı göstərilməsini, xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafını, ailələrin, xüsusən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsini, təhsilin və səhiyyənin səviyyəsinin artırılmasını, uşaq yaradıcılığının dəstəklənməsini, uşaqlar tərəfindən qanun pozuntusu hallarının profilaktikasını və başqa məsələləri əhatə edir.
Uşaq hüquqlarının təmin edilməsi üçün görülən işlərdən danışarkən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bildiyimiz kimi, fondun təşəbbüsü ilə “Yeniləşən Azərbaycanın yeni məktəb” proqramı çərçivəsində son illərdə Azərbaycanda yüzlərcə məktəb tikilmiş, onlarca məktəb təmir edilmiş, yeni-yeni uşaq bağçaları istifadəyə verilmişdir. Bildiyiniz kimi, fond tərəfindən Respublika Talassemiya Mərkəzi tikilmişdir. Uşaqların iştirakı ilə müsabiqələrin, festivalların keçirilməsi, ölkədə olimpiya idman hərəkatının genişləndirilməsi böyüməkdə olan nəslin inkişafı üçün əlverişli şərait yaradır.
Hörmətli deputatlar, mən əminəm ki, bugünkü iclasımız gələcəkdə həm parlament, həm hökumət, həm də digər dövlət orqanları, habelə qeyri-dövlət orqanları tərəfindən həyata keçiriləcək sanballı tədbirlərə möhkəm zəmin yaradacaqdır.
Hörmətli deputatlar, hörmətli qonaqlar, hesab edirəm ki, biz iclasımızı bu istiqamətdə quraq, − məruzələr üçün 10 dəqiqə, çıxışlar üçün 5 dəqiqə vaxt ayıraq. Etiraz yoxdur ki?  Onda məruzələrə başlaya bilərik. Söz verilir Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, əziz qonaqlar! Bu gün Milli Məclisin qeyri-adi iclaslarından biridir. Bu iclasda deputatlarımızla yanaşı, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, qeyri-hökumət qurumlarının rəhbərləri və ən başlıcası isə, bizim gələcəyimiz olan uşaqlar iştirak edirlər. Biz beynəlxalq hüququn təməl sənədlərindən birinin − uşaq hüquqları konvensiyasının qəbul olunmasının 20-ci ildönümünü birgə qeyd edirik. Bu yığıncaq qanuna hörmətin, qanunların ölkəmizdə aliliyinin, dünyanın demokratik hüquqi məkanına inteqrasiyamızın təntənəsidir.
Ümummilli liderimiz, dahi şəxsiyyət, böyük insan Heydər Əliyev uşaqları çox sevirdi. 1993-cü  ilin avqustunda parlamentə sədr seçilən, böyük idarəçilik təcrübəsinin sahibi olan bu şəxs qanun yaradıcılığı prosesinə peşəkarları cəlb etdi. Dünya parlamentləri ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığa geniş vüsət verdi. Konstitusiyamızda uşaq hüquq və azadlıqları bir neçə maddə ilə təsbit olundu. Çərçivə, sahəvi qanunlarda bu problemlərə xüsusi diqqət yetirilir. Universal və aparıcı təşkilat olan BMT bir də öyrənildi. Onun aparıcı strukturları ilə əməkdaşlıq ön plana çəkildi. Ölkəmiz üçün prioritetlər müəyyənləşdirildi. Azərbaycan BMT-nin Uşaq Hüquqları üzrə Konvensiyasını ratifikasiya edən ilk dövlətlərdən biri oldu, Milli Məclisdə uşaq hüquqları ilə bağlı eyni adlı qanun qəbul etdik və bu sahənin hüquqi bazasının möhkəmlənməsi üçün ardıcıl və sistemli iş apardıq.
Ötən müddət ərzində Milli Məclis uşaq hüquq və azadlıqlarının qorunması istiqamətində onlarla müstəqil qanun qəbul etdi, 30-dan çox konvensiyaya qoşulduq. Bu tipli məsələlərə, qanunlara, məcəllələrə yüzə  qədər dəyişikliklər etdik və nəhayət, 2003-cü il mayın 13-də Azərbaycan hökuməti ilə BMT-nin Uşaq Fondu arasındakı əməkdaşlığa dair əsas sazişin Milli Məclisdə təsdiq edilməsi ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisə oldu.
Birgə fəaliyyətimiz nəticəsində ortaya çıxan bir neçə maraqlı qanun haqqında sizə qısa məlumat vermək istəyirəm. Yadınızdadırsa, Körpələrin erkən qidalanması haqqında qanun layihəsi parlamentdə birinci oxunuşda qeyri-ciddi sayıldı və müzakirələr populizmlə müşayiət olundu. BMT-nin Uşaq Fondu komitəmizi tək qoymadı. Layihənin geniş ictimaiyyətlə, ailələrlə, elmi tədqiqat institutları ilə birgə müzakirəsində daim yanımızda oldu. Məsələyə bütün cəmiyyətin müdaxiləsi və dəstəyi layihənin qəbuluna rəvac verdi. Sevindirici haldır ki, bu qanun Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq BMT-nin model qanunu kimi qəbul olundu, indi bu qanun qabaqcıl təcrübə kimi bütün dünya dövlətlərinə tövsiyə olunur. Digər bir qanunun − “Duzun yodlaşdırılması haqqında” Qanunun müzakirəsi də kəskin narahatçılıqlarla müşayiət olundu. Layihənin əleyhinə köklənmiş deputatların üstünlük təşkil etdiyi debatlar bu təşəbbüsün üstündən xətt çəkdi. Layihənin əleyhinə səs verən deputatlarla fərdi qaydada işləməli olduq.  YUNİSEF xaricdən bizim üçün tanınmış mütəxəssislər dəvət etdi, nəhayət, iki il sonra ardıcıl və iki il davam edən təşviqat xarakterli birgə fəaliyyət  öz müsbət bəhrəsini verdi. Sonradan həmin adını çəkdiyim qanun MDB Parlament Assambleyasının qərarı ilə model hüquqlu sənəd kimi təsdiqləndi. Bütün bunlarla yanaşı, qanunun tətbiqinin xalqımıza verdiyi fayda və səmərə daha əhəmiyyətli oldu. Ötən qısa müddət ərzində təkcə bu hesaba ölkədə endokrinik, zob xəstəlikləri iki dəfə azaldı. Debil doğulan uşaqlara isə Azərbaycanda, demək olar ki, təsadüf olunmur. Azərbaycanın parlamenti tarixində ortaya qoyulan yeniliklərdən biri də YUNİSEF-in təklifi ilə uşaq hüquqları ilə bağlı qanunların müzakirəsi zamanı məktəblilərin iclasa dəvəti, komitə yığıncaqlarında onların debatlarının təmin edilməsi oldu. 90-cı illərdə parlamentə gələn həmin uşaqların bir çoxu indi uşaq-gənclər hərəkatının liderləri və cəmiyyətin ictimai-siyasi həyatının fəal iştirakçılarıdırlar. YUNİSEF-lə başladığımız, artıq həyata tam vəsiqə almış maraqlı ideyalardan biri də uşaq parlamentinin yaradılması oldu. İndi Milli Məclisin Sosial siyasət komitəsi respublika uşaq-gənclər parlamenti ilə sıx əməkdaşlıq edir, onlara özünün hamilik köməyini əsirgəmir. YUNİSEF-in Hüquq siyasəti və İqtisadi siyasət komitələri ilə birgə hazırladığı uşaq büdcəsi, habelə İnsan hüquqları və digər komitələrlə gerçəkləşdirdiyi digər layihələr təqdirəlayiqdir. Əməkdaşlığımız bu gün də davam edir, gələcəkdə də davam edəcəkdir.
Fürsətdən istifadə edib bu strukturun Azərbaycan nümayəndəliyinin əvvəlki rəhbərlərini − Laurentini,   Saatçıoğlunu, Haana Singeri və digərlərini minnətdarlıq hissi ilə xatırlamaq yerinə düşərdi. Bu adamlar hər addımda təmənnasız olaraq peşəkarlıq və fədakarlıq nümunəsi göstərirdilər. Bu fondda çalışan onlarla azərbaycanlı gənc ötən müddətdə böyük həyat məktəbi keçmiş, mükəmməl təcrübə toplamış və dünyanın bir sıra ölkələrində daha yüksək mövqe tutaraq fəaliyyətlərini uğurla davam etdirir və Azərbaycanımızı çox yüksək səviyyədə təmsil edirlər.
Hörmətli deputatlar, əziz qonaqlar, sevindirici hal odur ki, ölkə başçısı uşaq hərəkatının prioritetlərini görür, bu problemləri bilir, hadisələri qabaqlamağı bacarır. Ötən il referendum yolu ilə Konstitusiyaya edilən dəyişikliklərin  bir qismi məhz uşaqların daha əsaslı müdafiəsinə yönəlmişdir. Son illər respublikada yüzlərlə məktəb binası, otuza yaxın klinik xəstəxana, idman komplekslərinin inşası və müasir avadanlıqlarla təchizatı gələcəyimiz olan uşaqlara xidmət edir, onların sosial müdafiəsinə birbaşa yönəldilmişdir.
Möhtərəm Prezidentimiz tərəfindən imzalanmış bu yönümlü fərman və sərəncamlar, dövlət proqramları icra strukturlarında ardıcıl olaraq həyata keçirilir. Bunlardan biri, düşünürəm ki, ən humanisti kimsəsiz  uşaqların ailələrə yönəldilməsi, ailə tərbiyəsinin önə çəkilməsi, ailə institutunun möhkəmlənməsi məhz belə istəklərdəndir. Problemə bütün cəmiyyətin diqqətini bir daha cəlb etmək məqsədilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2009-cu ili Uşaq ili elan etmişdir.
Hörmətli həmkarlarım, əziz dostlar, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın ailə-uşaq problemləri ilə bağlı apardığı gündəlik, sistemli, qlobal işlər miqyasına görə  artıq respublikanın hüdudlarını aşmışdır. Son illər uşaq evlərində və internatlarda genişmiqyaslı təmir-tikinti işləri aparılmış, maddi-texniki baza möhkəmlənmiş, bu müəssisələr daim qayğı və diqqətlə əhatə olunmuşlar. Hemofiliya və talassemiya xəstəliklərinə tutulmuş uşaqların sağalması üçün nəzərdə tutulan müasir müalicə ocağı ən yeni tipli avadanlıqlarla təchiz edilmiş, dünyada analoqu olmayan səhiyyə müəssisələrindən birinə çevrilmişdir. Bütün bunlar deputat həmkarımız Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizi özündə yaşadan  ağıllı qadın, qayğıkeş həkim kimi millətin qarşısında gördüyü ən böyük xidmətlərdən biridir. Eyni zamanda, bu, ümumxalq məhəbbəti qazandıran xeyirxah hərəkətlərindəndir. Bütün bunlarla yanaşı, Mehriban xanım qanun yaradıcılığı təşəbbüsü hüququndan da fəal istifadə edir.  Yüzlərlə ailənin, uşağın sevincinə səbəb olan əfv fərmanlarının qəbul edilməsində, ailə və əmək məcəllələrinin uşaqların mənafeyi naminə təkmilləşdirilməsində fəal iştirak edir. Maraqlı və təqdirəlayiq təkliflər verir.
Üç gün öncə Sosial siyasət komitəsi YUNİSEF-lə  gələcək  əməkdaşlığının əsas prioritetlərini müəyyənləşdirdi. Bu istiqamətlər fondun Azərbaycandakı nümayəndəliyinin başçısı Mark Herevardın çox hörmətli Sədrimiz Oqtay Əsədovla bir neçə gün bundan öncə keçirdiyi görüşdə səslənən fikirlərlə üst-üstə düşür. Yeri gəlmişkən, Milli Məclisin beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələlərinə də göstərdiyi daimi diqqət və qayğıya görə hörmətli Sədrimizə öz minnətdarlıq və təşəkkürümü bildirmək istəyirəm.
Sonda deputat həmkarlarımı, Azərbaycan cəmiyyətini əmin etmək istəyirəm ki, Milli Məclis möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlət quruculuğu modelinin sosial siyasətinin baş xətti olan uşaqlara qayğı və onların müdafiəsi məsələlərini daim önə çəkəcək və bu məqsədlə gələcəkdə də YUNİSEF-lə əməkdaşlığı bir daha canlandıracaqdır. Diqqətinizə görə minnətdaram. 
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevarda söz verilir.
M.Herevard, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri.
Mr. Chairman, distinguished members of parliament,
Ladies and Gentlemen and dear children:
It is a great privilege to be given this opportunity to speak here today and I would like to thank the Milli Mejlis of Azerbaijan for organizing this special session to celebrate the 20th anniversary of the adoption of the Convention on the Rights of the Child.
It is particularly fitting that it is during the Year of the Child announced by the President of Azerbaijan that we commemorate a real milestone today – 20 years of the Convention on the Rights of the Child, the great legal and ethical instrument for promoting and protecting the rights of all children and the beacon that guides UNICEF and our partners in all our work.
Today's commemoration is just one of many events that are taking place in all parts of the world to mark the anniversary of the General Assembly's adoption of the Convention. This serves as more evidence of the remarkable success of a treaty that has been ratified virtually by the entire community of nations: since 1989, the CRC has been ratified by 193 parties – more than belong to the United Nations or have acceded to the Geneva Conventions.
And Azerbaijan, without doubt, recognizes the potential of its children in the development of the country. This is why the country signed the Convention on the Rights of the Child in 1992, and the parliament ratified it.
UNICEF works with the government in realizing rights for children by supporting development of policy to see that today's oil riches also result in a wealth of opportunities for children. We engage in high-level advocacy with the government to keep reminding everyone of the rights children have and we help officials to design the kind of national policies they need to make high-quality health, education and protection services available to all children. We always work to mainstream child rights into state policies and to bring child participation into the process.
We also work with key government and other staff to ensure that the human capital is in place to make use of the fast growing financial capital. And of course we have a close partnership with the Milli Mejlis to give technical support to the excellent work they do to translate the Convention on the Rights of the Child into a comprehensive and supportive network of legislation.
One recent example of our work with the Parliament is our work with its Economic Policy Commission and an NGO (the Azerbaijan Economists' Union) to conduct the first-ever analysis of budgetary allocations for children. The paper shows a direct quantifiable link between money invested in services and benefits for children and is a starting point to help the government produce "child-friendly budgets" that maximise the effective use of resources.
We are also investing in research to show what the cost would be to Azerbaijan of not investing in basic health, education and other social services – such as the long-term cost to the economy if schools do not keep improving enough to produce a globally competitive workforce.
Beyond the financial cost, the human cost of under-funding is inestimable. What price a child's life? How can we quantify in dollar terms the tragedy of wasted talent among children who don't go to school, or the worth of childhoods lost in institutions because alternative services are not available? 
But there are also consequences you can add up and there is evidence to suggest that investments in children are the best economic use Azerbaijan could make of its strong financial gains from the oil and gas industry. Based on surveys from across the world, UNICEF estimates that for every one dollar invested in the physical and cognitive development of children, societies eventually recoup seven dollars they do not need to spend on emergency health care, social services and prisons.
The imperative for improving health, education and other social services is as much economic and is it moral.
Distinguished guests, it is also a pleasure to be here today to introduce UNICEF’s annual publication – the State of the World's Children Report, which focuses on the Convention on the Rights of the Child this year. It addresses the relevance of the Convention for the past, the present and the future, highlighting the impact it has had since its inception twenty years ago, and the challenges we face to realize its goals over the next twenty. (Please feel free to take a copy of the report with you)
In all countries, and Azerbaijan is no exception, the next twenty years will need to see:
A closing of the widening gap between haves and have-less: The rights of the Convention apply equally to all children, and governments should be judged not by how well some children are served, but rather by how all children are served, including the most disadvantaged. More than 4 out of 5 of the world’s children live in countries where the gap between rich and poor is widening. This testifies to the fact that realizing child rights is largely a question of equity and social justice.
The next twenty years will need to see that protection under the law translates into protection on the ground: In many countries the realities experienced by children do not match the rights they are guaranteed by national legislation. Simply passing a law is not enough; it must be enforced by government and backed up with ongoing educational and awareness-raising initiatives.
The next twenty years will need to see empowerment of villages, towns and neighbourhoods to cope with the growing threats of climate change: Children are particularly vulnerable to the impact of climate change. The cumulative effects of their exposure to environmental hazards, the potential loss of livelihood for millions of families and the increasing scarcity of water and other natural resources expose children to real dangers.  Empowering the most vulnerable to cope with climate change will entail greater investment in traditional areas of child development as well as encompassing innovative interventions to promote renewable energy sources for cooking, heating and water collection; to support groups whose livelihoods may be threatened, and to improve disaster preparedness for storms, floods and droughts.
The challenges facing children in the country today exceed the capacity of any single organization to fix – only through the partnership of every organization sharing respect for children's rights can these issues be addressed.
Especially remarkable in this regard is the broad range of stakeholders who have gathered here today to reaffirm their commitment to the cause of child rights -- including representatives of governments, international organizations of UN agencies and non-governmental organizations and last, but not least young delegates from the child parliament. The child parliament is also a first opportunity of its kind for the children of Azerbaijan and the Mejlis to have an open dialogue about the ways to implement the CRC. This is a right of every child - to be heard and to be taken seriously - and asking them, listening to them is the best way to make sure their rights are implemented.
On behalf of UNICEF, I thank you once again for coming to share this special moment with us today and I take this opportunity to stress our commitment to continue our work for the children in Azerbaijan. We in UNICEF look forward to joining forces with Parliament, the Government, the international community, the non-governmental organisations, the media and young people – to reach our common objectives and ensure rights for all children, with no exceptions and no child left out.
The opportunity lies before us -- and now is the time to seize it. Thank you.
YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardın çıxışının tərcüməsi.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar, əziz uşaqlar!
Bu gün burada nitq söyləməkdən şərəf duyuram və fürsətdən istifadə edərək, Azərbaycan Respublikası Milli Məclisinə Uşaq hüquqları üzrə Konvensiyanın 20-ci ildönümünü qeyd etmək üçün xüsusi sessiyanı təşkil etdiyinə görə minnətdarlığımı bildirirəm.
Əhəmiyyətli hadisə kimi qiymətləndirilən uşaqların hüquqlarının təşviq və müdafiə edilməsi üçün hüquqi və etik vasitə olan və YUNİSEF-in və müvafiq tərəfdaşlarımızın fəaliyyətlərinin icrasına bələdçilik edən Uşaq hüquqları Konvensiyasının 20-ci ildönümünün məhz Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilmiş Uşaq ilində qeyd edilməsi təqdirəlayiq haldır.
Bugünkü tədbir Baş Məclis tərəfindən konvensiyanın qəbul edilməsini qeyd etmək üçün dünyanın hər bir yerində keçirilən çoxlu sayda tədbirlərdən biridir. Bu isə konvensiyanın faktiki olaraq bütün millətlər icması tərəfindən ratifikasiya olunmasının böyük uğurunun bariz nümunəsidir. Belə ki, 1989-cu ildən etibarən Uşaq Hüquqları Konvensiyası 192 ölkə tərəfindən ratifikasiya edilmişdir ki, bu göstərici Birləşmiş Millətlər Təşkilatına üzv olan və ya Cenevrə konvensiyalarına üzv olan ölkələrin sayını üstələyir.
Şübhəsiz ki, Azərbaycan da ölkədə yaşayan uşaqların ölkənin inkişafındakı potensialını dərk edir. Bu səbəbdən də 1992-ci il tarixində ölkə tərəfindən Uşaq hüquqları Konvensiyası imzalanmışdır, parlament isə onu ratifikasiya etmişdir.
YUNİSEF ölkənin hazırda əldə etdiyi neft gəlirlərinin uşaqlar üçün də bir çox imkanlar ilə nəticələnməsini təmin etmək üçün müvafiq siyasətlərin hazırlanmasını dəstəkləməklə uşaqların hüquqlarının həyata keçirilməsində hökumət ilə birgə çalışır. Biz hər bir tərəfə uşaqların malik olduqları hüquqları xatırlatmaq üçün hökumət ilə birgə yüksək səviyyədə təşviqat fəaliyyətlərini həyata keçiririk və bütün uşaqların bəhrələnə biləcəyi yüksək keyfiyyətli səhiyyə, təhsil və müdafiə xidmətlərini təmin etmək üçün münasib olan milli siyasətin hazırlanmasında müvafiq hökumət qurumlarına yardım edirik. Biz həmişə uşaq hüquqlarının dövlət siyasətlərində əks etdirilməsi və  uşaqların bu prosesdə iştirakını təmin etmək üçün çalışırıq. Biz həmçinin sürətlə artan maliyyə kapitalından istifadəni təmin etmək üçün insan kapitalını təmin etmək məqsədilə hökumət orqanları və digər rəsmilər ilə birgə çalışırıq. Əlbəttə ki, biz Uşaq hüquqları Konvensiyasının ətraflı və dəstəkləyici qanunvericilik şəbəkəsinə çevrilməsi üçün Milli Məclis tərəfindən həyata keçirilən əhəmiyyətli işlərə texniki dəstək göstərərək Milli Məclis ilə sıx əməkdaşlıq edirik.
Bizim parlament ilə birgə fəaliyyətimizin bir nümunəsi Milli Məclisin İqtisadi siyasət komitəsi və QHT (Azərbaycan İqtisadçılar Birliyi) ilə birgə uşaqlar üçün büdcə ayırmalarına dair ilk tədqiqatın aparılmasından ibarətdir. Aparılmış tədqiqat müxtəlif xidmətlərə yatırılmış investisiyalar və uşaqlar üçün faydalar arasında birbaşa kəmiyyət ilə ifadə olunan əlaqənin olmasını göstərmişdir və bu tədqiqat resurslardan effektiv istifadəni artıran “uşaq yönümlü büdcələrin” hazırlanmasında hökumətə yardım etmək üçün başlanğıc nöqtədir.
Biz həmçinin əsas səhiyyə, təhsil və digər sosial xidmətlərə investisiyaların qoyulmamasının Azərbaycan üçün fəsadlarının (məsələn, qlobal arenada rəqabət qabiliyyətli əmək qüvvəsinin təmin edilməsi üçün məktəblərdə tədris keyfiyyətinin tələb olunan səviyyəyə çatdırılması təmin edilmədikdə iqtisadiyyat üçün uzunmüddətli fəsadlar) nədən ibarət olmasını nümayiş etdirmək üçün tədqiqatların aparılmasına da vəsait ayırırıq.
Qeyri-adekvat investisiya yatırımlarının maliyyə vəsaiti ilə ifadə olunan dəyəri ilə yanaşı, insana olan təsiri ölçülməzdir. Uşaq həyatının qiyməti nə qədərdir? Biz məktəbə getməyən uşaqların itirilmiş istedadı faciəsini və ya alternativ təbirlərin olmaması üzündən dövlət müəssisələrində itirilən uşaqlıq dövrünün dəyərini dollar ilə necə ifadə edə bilərik?
Lakin burada sizin əlavə edə biləcəyiniz digər fəsadlar da mövcuddur və Azərbaycanın neft və qaz sənayesi nəticəsində əldə etdiyi dayanıqlı maliyyə resurslarının uşaqlara yatırılmasının Azərbaycan üçün ən sərfəli yatırım olması barədə dəlillər mövcuddur. Dünyanın müxtəlif yerlərində həyata keçirilmiş tədqiqatlar nəticəsində YUNİSEF müəyyən etmişdir ki, uşaqların fiziki və zehni inkişafına qoyulan hər bir dollar üçün cəmiyyətlər təcili səhiyyə xidmətləri, sosial xidmətlər və təcridxanalar üçün nəzərdə tutulan vəsaitlərə qənaət edərək 7 dollar əldə edir. Səhiyyə, təhsil və digər sosial xidmətlərin yaxşılaşdırılması ən sərfəli yanaşma baxımından və mənəvi borc baxımından mütləqdir.
Əziz qonaqlar, bu gün burada YUNİSEF-in illik nəşri olan və bu il Uşaq Hüquqları Konvensiyasına həsr edilmiş Dünya uşaqlarının vəziyyətinə dair hesabatı təqdim etməkdən də fərəh hissi duyuram. Hesabatda konvensiyanın keçmiş, hazırkı və gələcək dövrlər üçün uyğunluğu, onun iyirmi il bundan öncə müəyyən edildiyi dövrdən bu günədək təsiri və növbəti iyirmi il ərzində  konvensiya ilə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsində üzləşəcəyimiz problemlər vurğulanır. Yeri gəlmişkən, hesabatın surətini özünüz ilə götürə bilərsiniz.
Bütün ölkələrdə, o cümlədən Azərbaycanda növbəti iyirmi ildə diqqət aşağıdakı məqamlara yönələcək:
Uşaqların malik olduqları və malik olmadıqları arasındakı boşluğun aradan qaldırılması: Konvensiyanın hüquqları bütün uşaqlar üçün bərabər qaydada tətbiq olunur və hökumətlərin fəaliyyəti müxtəlif qruplardan olan uşaqların xidmətlərinin necə ödənilməsi ilə deyil, bütün uşaqların, o cümlədən ən zəif qruplardan olan uşaqların xidmətlərinin ödənişinin təmin edilməsi əsasında qiymətləndirilməlidir. Dünyada hər beş uşaqdan dördü yoxsul və zənginlər arasındakı boşluğun getdikcə böyüdüyü ölkələrdə yaşayır. Bu isə uşaqların hüquqlarının həyata keçirilməsində, əsasən, bərabərlik və sosial ədalətlilik məsələsini ön plana çəkir.
Növbəti iyirmi ildə qanun ilə nəzərdə tutulan müdafiənin faktiki olaraq yerlərdə təmin edilməsi məsələsinin həll edilməsi labüddür. Bir çox ölkələrdə uşaqların üzləşdikləri reallıq, əslində, onlar üçün milli qanunvericilik tərəfindən təsbit edilmiş hüquqlara uyğun gəlmir. Yalnız qanunun qəbul edilməsi kifayət deyil, eyni zamanda, qəbul edilmiş qanun hökumət tərəfindən tətbiq edilməli, habelə davamlı tədris və məlumatlandırma təşəbbüsləri ilə dəstəklənməlidir.
Növbəti iyirmi il ərzində iqlim dəyişikliklərinin şərtləndirdiyi təhlükələr ilə mübarizə aparmaq üçün kəndlərin, şəhərlərin və qonşu ərazilərin dəstəklənməsi təmin edilməlidir: Uşaqlar xüsusi olaraq iqlim dəyişikliklərinin təsirinə məruz qalır. İqlim dəyişikliklərinin ekoloji təhlükələr, milyonlarla ailələr üçün dolanışıq vasitələrinin itkisi təhlükəsi, habelə su və digər təbii ehtiyatların çatışmazlığının artması kimi mənfi təsirlər uşaqlar üçün real təhlükə yaradır. İqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün ən zəif qruplardan olan ailələrin dəstəklənməsi məqsədilə  bu sahəyə daha çox investisiya qoyulması təşviq edilmişdir. Belə ki, yemək hazırlamaq, istilik təchizatından, enerji mənbələrindən istifadə etmək,  təhlükəyə məruz qalan qrupları dəstəkləmək, qasırğa, sel və quraqlıq kimi təbii fəlakətlərə qarşı hazırlıq tədbirlərini təkmilləşdirmək məqsədilə innovasiya təşəbbüslərinin tətbiq edilməsi tələb olunur.
Bu gün ölkədə uşaqların üzləşdikləri problemlərin aradan qaldırılması yalnız bir təşkilatın imkanı xaricindədir. Çünki bu problemlərin həll edilməsi bütövlükdə uşaqların hüquqlarına hörmət bəsləyən ayrı-ayrı təşkilatların birgə sıx əməkdaşlığı nəticəsində mümkündür.
Bu gün uşaq hüquqlarını təmin etmək üçün müxtəlif maraqlı qrupların, o cümlədən hökumətin, beynəlxalq təşkilatların, BMT təşkilatlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, habelə uşaq parlamentinin nümayəndə heyətinin burada bir araya gəlməsi təqdirəlayiq haldır. Uşaq parlamenti uşaqlarla birbaşa açıq dialoq aparmaq üçün istifadə oluna biləcək xüsusi bir imkandır. Hər bir uşaq irəli sürdüyü təklifin ciddi qəbul edilməsi hüququna malikdir. Onun rəyini soruşmaq, fikrini dinləmək uşaq hüquqlarının təmin edilməsinin ən səmərəli yoludur.
YUNİSEF adından mən belə bir əhəmiyyətli hadisəni bizimlə birgə qeyd etmək üçün buraya gəldiyinizə görə sizin hər birinizə bir daha minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək, Azərbaycan uşaqları naminə fəaliyyətimizi davam etdirmək əzmində olduğumuzu vurğulamaq istəyirəm. Biz UNICEF olaraq ümumi məqsədlərə nail olmaq üçün Milli Məclislə, Azərbaycan hökuməti ilə, habelə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri ilə heç bir istisna olmadan, habelə heç kəsi diqqətdən kənarda qoymadan bütün uşaqların hüquqlarını təmin etmək üçün səylərimizi birləşdirməyə ümid edirik.
Qarşımızda hədəflərə nail olmaq üçün imkanlar vardır və indi həmin imkanlardan istifadə etmək zamanıdır.
Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, cənab Hervard. Söz verilir İnsan hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya.
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman). 
Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! İcazə verin, hamınızı salamlayım və təklifimizi qəbul edərək, Uşaq hüquqları Konvensiyasının 20 illiyi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, Azərbaycanda uşaq ili münasibəti ilə parlamentin xüsusi iclasının keçirilməsinə görə sizə minnətdarlığımızı bildirək.
Bu bir həqiqətdir ki, son illərdə bütün dünyada BMT, Avropa Birliyi, Avropa Şurası insan hüquqları strategiyasında uşaqların maraqlarına, ehtiyaclarına xidmət edən siyasət və yeni konseptual yanaşma, müvafiq proqramlar, uşaqlar üçün “Yararlı dünya yaradaq” devizi ilə yer taparaq prioritet səviyyəsinə qalxmışdır. Artıq uşaqlara mülkiyyət və təsir obyekti kimi yox, müstəqil, tam və bərabərhüquqlu subyekt kimi yanaşma formalaşmışdır. Bu tendensiya müstəqil Azərbaycan ölkəsində də aşkar müşahidə olunur. 2002-ci ildə BMT-nin Uşaq haqları üzrə ilk Baş Assambleyasının iclası keçirilmiş və bu zaman Prezidentimiz Heydər Əliyev tərəfindən ilk dəfə olaraq dövlət nümayəndəliyinin tərkibinə iki uşaq da salınmışdır. Bu uşaqlar Nyu-Yorkda tədbirlərdə o qədər fəal iştirak etmişdilər tədbirlərdə ki, adları YUNİSEF-in liderlər kitabına salınmışdır.
Nəhayət, Assambleyada dövlətlərə tövsiyə olunmuş uşaq hüquqları strategiyasına Azərbaycan da qatılaraq qısa müddətdə həm qanunvericilik, həm də institutlaşma, bu qanunların tətbiqi mexanizmləri, müvafiq dövlət proqramları tədbir planı şəklində həyata keçirilmiş və bu istiqamətdə görülən işlər uğurla davam etdirilməkdədir. 1998-ci ildə Uşaq hüquqları haqqında parlament tərəfindən qanun qəbul edilmişdir. 2006-cı ildə isə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənmiş Milli Fəaliyyət Planında da uşaq hüquqları xüsusi yer tutmuşdur. Bu il mart ayında ölkəmizdə keçirilən referendum nəticəsində insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmin edilməsi baxımından mühüm əlavə və dəyişikliklər edilmişdir. Ombudsman təsisatının fəaliyyətində də uşaq hüquqlarının təmin olunması, pozulmuş hüquqların bərpası, qabaqlayıcı tədbirlərin keçirilməsi xüsusi yer tutur.
BMT-nin Uşaq hüquqları komitəsinin tövsiyəsi və YUNİSEF-in dəstəyi ilə Resurs şöbəsi yaranmış, Bakıda və regional mərkəzlərdə isə müşavirlər təyin edilmişdir və onlar artıq fəaliyyət göstərirlər. Ombudsmanın təklif və tövsiyələri nəticəsində respublikamız uşaq haqlarına dair bir neçə beynəlxalq konvensiyaya qoşulub. Bilavasitə uşaq hüquqlarının müdafiəsinə və dolayısı ilə bu məqsədlərə xidmət edən yeni qanunvericilik aktları təhlil edilmiş və bunlara əlavə və dəyişikliklər olunmuşdur. Uşaq haqlarının daha səmərəli müdafiəsi üzrə yeni təşəbbüslər irəli sürülmüş, uşaq hüquqları tədrisi sahəsində ümumtəhsil məktəblərində uşaqların özlərinin treyner kimi iştirak etməklə pilləli insan haqları tədrisi sistemi təsdiqlənmiş və artıq Bakının üç məktəbində həyata keçirilməkdədir. Yeri gəlmişkən, “Uşaqları dinləyək, onların iştirakını təmin edək” devizi ilə 20 oktyabrdan indiyədək respublikamızda uşaq hüquqları aylığı və sorğu keçirilmişdir. Nəticədə ölkəmizin müstəqillik dövründə görülən işlər və gələcək üçün arzu olunan tədbirlər müəyyənləşdirilmişdir.
Ölkənin bütün şəhər və regionlarında, rayonlarında icra hakimiyyəti, bələdiyyələr, nazirliklər və komitələr, vətəndaş cəmiyyəti təşkilatlar icmaların geniş iştirakı ilə son illərdə uşaqların vəziyyətinin müsbətə doğru  dəyişdiyini göstərmiş və onların bilavasitə və ya dolayısı ilə vəziyyətinin yaxşılaşmasına xidmət edən tədbirlər sırasında yoxsulluğun səviyyəsinin endirilməsi, yeni iş yerlərinin açılması, əmək haqları, pensiyaların, müavinətlərin artırılması ilə hər bir ailənin rifahının yüksəlməsi, regionların sosial-iqtisadi inkişafı proqramının, ünvanlı sosial  yardımlar və başqa dövlət proqramlarının tətbiqi, qaçqın və məcburi köçkünlərin çadırlardan yeni qəsəbələrə köçürülməsi, çoxsaylı yeni məktəb və səhiyyə müəssisələrinin  yaranması və bütövlükdə dövlət siyasəti, iqtisadi və sosial imkanların insan potensialına səfərbər olunması göstərilmişdir.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman təsisatının fəaliyyəti də yüksək dəyərləndirilmişdir. Eyni zamanda, demək olar ki, bütün dövlət qurumlar Uşaq ili çərçivəsində öz üzərlərinə düşən vəzifələri uğurla həyata keçirmişlər. Aylıq çərçivəsində həmçinin uşaq rəsmləri müsabiqəsi keçirildi. Bütün respublikanın rayonlarından 400 rəsm gətirildi və bu uşaqlar qaliblər sırasında oldu.
Ombudsman təsisatında qaynar xətt təsdiq olunmuş və 96 nömrəli bu xəttə çoxsaylı zənglər olur və beləliklə, çox çevik tərzdə problemlərin həll olunmasına nail olunur. Uşaq Haqları Konvensiyasının irəli sürdüyü əsas vəzifələrdən biri də uşaqların özlərinin bilavasitə iştirakıdır ki, bu baxımdan respublikada, doğrudan da, çox böyük dönüş əldə edilmişdir. Bu il Xocalı faciəsinin ildönümü ərəfəsində “Biz sülh istəyirik, bizə qoşulun” deyə bütün dünya xalqlarına müraciət olunmuş və bu devizlə Azərbaycan Uşaq Sülh şəbəkəsinin liderləri 310 mindən çox imza toplamış və BMT-nin Baş katibinin müavini hörmətli xanım Radxitaya göndərilmiş bu təşəbbüs beynəlxalq miqyasda çox yüksək dəyərləndirilmişdir.
Yeri gəlmişkən, respublika uşaq parlamentinin yaradılması, məktəblərin idarə olunmasında uşaqların iştirakının təmin edilməsi  də müsbət haldır və Ombudsman təşəbbüsü ilə deinstitutlaşma proqramlarının həyata keçirilməsində, respublikamızda fəaliyyət göstərən uşaq resurs mərkəzlərinin fəaliyyətində uşaqlara qarşı zorakılıqlar baş verirsə, bu monitorinqlər keçirilir. Müvəkkilin uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsi hazırlanmış və Milli Məclisə təqdim olunmuşdur. Ümumrespublika sorğusunda uşaq hüquqlarının təmin olunmasında gələcək 20 ildə həllə ehtiyacı olan problemlər və prioritetlər də öz yerini tapmış və burada yenə də böyük stresslər keçirmiş qaçqın və məcburi köçkün uşaqlar, valideyn himayəsindən məhrum olanlar, xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlar, insan alveri, cinsi istismar, zorakılığa, erkən nikaha məruz qalanlar və digər problemlərin həlli üçün dövlət qurumları və ictimai təşkilatlar əlaqələndirilmiş şəkildə fəaliyyəti gücləndirməli və müvafiq tədbirlər həyata keçirməlidir.
Ümidvaram ki, uşaq hüquqlarının daha səmərəli müdafiəsi məqsədi ilə Ombudsmanın təklifləri parlament və dövlət qurumları tərəfindən diqqətlə qarşılanacaq. Bu təkliflər konkret tədbirlərdə öz təzahürünü tapacaqdır. Beləliklə, biz fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər, saf nəsil böyüdüb, sabahın layiqli vətəndaşı yetişdirməyə nail olacağıq. Mən hamınızı ümid çırağımız olan uşaqlar naminə əməkdaşlığı daha da gücləndirməyi təklif edirəm və bizim birgə səylərimizin məntiqi nəticəsi kimi uşaqlar üçün yararlı Azərbaycanın yaradıcılarına inanıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. İndi söz verilir Uşaq parlamentinin sədri Taleh Əliyevə.
T.Əliyev, Uşaq parlamentinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, hörmətli xanımlar və cənablar! Hər birinizi salamlayıram. İlk növbədə mən də Milli Məclisin rəhbərliyinə bu gün uşaqlarla bağlı xüsusi iclasın keçirilməsinə görə öz minnətdarlığımı bildirirəm. 2009-cu il cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə Uşaq ili elan edilib. Bu, uşaqlara və onların problemlərinə diqqəti daha da artırdı və cəmiyyətimizdə onların problemlərinə daha çox diqqət yetirilməsini şərtləndirdi. Mehriban xanım Əliyevanın da uşaqlara göstərdiyi qayğı göz qarşısındadır. Ümumiyyətlə, ölkəmizdə uşaqların ehtiyaclarının ödənilməsi üçün bir çox işlər görülmüş və görülməkdədir.
Bu gün, həqiqətən, uşaqların həyatında çox önəmli bir gündür. Əksər ölkələr üçün, o cümlədən Azərbaycan üçün insan hüquqları və onların müdafiəsi prioritet məsələlərdəndir. Xüsusi qrup olan uşaqların da hüquqlarının  təmin olunması vacib məsələlərdəndir. Hələ 20 il bundan qabaq BMT tərəfindən Uşaq hüquqları Konvensiyası  qəbul olunması, daha sonra  1992-ci ildə Azərbaycanın bu Konvensiyanı ratifikasiya etməsi diqqətə layiqdir.
Bununla yanaşı, 1998-ci ildə uşaq hüquqlarını özündə ətraflı şəkildə ehtiva edən qanunun qəbul olunması dönüş nöqtəsi oldu. Uşaqların əsas hüquqları konvensiyada çox açıq-aydın şəkildə göstərilmişdir. Konvensiyaya uyğun olaraq, bildirilir ki, öz fikrini ifadə edə bilən hər bir uşağın onunla bağlı qərarın qəbul olunması prosesində iştirak etmək hüququ vardır və bu onun sosial statusundan, dinindən, fiziki sağlamlığından, ailə vəziyyətindən asılı deyil. Eyni zamanda, bu hüquq hər bir uşağa aiddir və heç cür məhdudlaşdırıla bilməz.
Respublikamızda 2007-ci ildə yaradılan Uşaq parlamenti məhz bu hüquqa əsaslanırdı. Uşaq parlamenti layihəsi Azərbaycan Respublikasının Milli Məclisi, Təhsil Nazirliyi, BMT-nin uşaq fondu olan YUNİSEF və “Lider” qadınlar ictimai birliyinin birgə layihəsi idi. Parlamentin təqdimatı elə iki il bundan öncə uşaqların müdafiəsi günündə bu zalda olmuşdur. Bundan sonra  Uşaq  parlamenti rəsmi olaraq öz fəaliyyətinə başlamışdır.
Bu illər ərzində parlamentarilər bir çox işlər görmüşlər. Mən onlardan bir neçəsini sadalamaq istərdim. Parlamentin qarşısında duran ən əsas məsələlərdən biri Uşaq Hüquqları Konvensiyasının təbliğatı idi. Bu iş çox uğurla həyata keçirilmişdir. Bir çox məktəblərdə uşaq parlamentləri yaradılmışdır ki, bu da uşaqların məktəblərdə, həmçinin ictimai həyatda fəal iştiraklarına təkan verdi. Parlamentin üzvləri təmasda olduqları həmyaşıdları ilə erkən nikahın onların gələcək həyatına mənfi təsiri haqqında, sağlam həyat tərzi haqqında, o cümlədən HIV və QİÇS-lə bağlı müəyyən məlumatlar vermişlər. Regionlarda uşaqların iştirakı ilə müxtəlif mövzularda təlimlər də keçirilmişdir. Parlamentarilər müxtəlif tədbirlərdə iştirak etmiş və həmin tədbirlərdə uşaqların fikirlərini öyrənmişlər. Bu tədbirlərdən bir neçəsinin adını çəkmək istərdim: “Uşaqlar üçün yararlı dünya milli konfransı”, “Yes sammiti”, “Gənclər QİÇS-ə qarşı” və sair. Uşaqların müdafiəsi ilə bağlı konfranslarda uşaq parlamentariləri çox aktiv şəkildə iştirak etmişlər.
Milli Məclisdə uşaqlarla bağlı qanunların hazırlanması prosesində də Uşaq parlamentinin üzvləri öz səylərini əsirgəməmişlər. Konkret olaraq parlamentin üzvləri “Bədən tərbiyəsi haqqında” və “Təhsil haqqında” qanunların müxtəlif səviyyədə müzakirələrində iştirak etmiş və öz münasibətlərini bildirmişlər. Bundan əlavə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində məcburi köçkün düşmüş uşaqların problemləri də parlamentarilərin diqqət mərkəzində olmuşdur. Təcavüz nəticəsində həmin uşaqların ən adi hüquqları belə pozulmuşdur. Uşaq parlamenti bu ədalətsizliyin dünya ictimaiyyətinə çatdırılması üçün müəyyən işlər aparmış, bu məsələni xarici qonaqlarla görüşdə onların diqqətinə çatdırmışdır. Təbii ki, bu həm də bizim vətəndaşlıq borcumuzdur.
Bir sözlə, Uşaq parlamenti əvvəllər heç bir təcrübəsi olmayan uşaqlar üçün böyük bir məktəb oldu. Parlamentin üzvləri çox yaxşı təcrübə əldə etdilər. Bir daha bu layihənin bütün tərəfdaşlarına öz minnətdarlığımızı bildiririk. Ölkəmizdə uşaqlara qayğı göstərən hər kəsə, habelə dövlət qurumlarına, ictimai təşkilatlara, beynəlxalq təşkilatlara öz təşəkkürümüzü bildirək. Sonda söyləmək istəyirəm ki, cəmiyyətimizin, dövlətimizin qüdrətli olması naminə uşaqlarımızı sevməli, onların ictimai həyatda iştiraklarını təmin etməliyik. Ümummilli liderimiz Heydər Əliyev haqlı olaraq demişdir: “Uşaqlar bizim gələcəyimizdir”. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, hörmətli Sədr. Mən Sizə və gənc parlamentin üzvlərinə uğurlar arzulayıram.
Hörmətli deputatlar, hörmətli qonaqlar, indi isə Milli Məclis tərəfindən hazırlanmış 10 dəqiqəlik “Uşaq probleminin həllində parlamentin yeri və rolu” filminə baxaq.
(Film monitorlarda nümayiş etdirilir.)
Sədrlik edən. İndi çıxışlara davam edirik. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov buyursun.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım, hörmətli qonaqlar, əziz övladlarımız! Uşaq hüquqları Konvensiyasının 20 illiyinə həsr olunmuş xüsusi bir iclasın və Azərbaycanda Uşaq ilinin keçirilməsi ilə bağlı parlamentdə xüsusi bir tədbirin keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin bir hissəsi qanunvericiliklə bağlıdır. Eyni zamanda, parlament açıq və şəffaf müzakirələr keçirilən bir orqan olduğu üçün burada bu cür tədbirin keçirilməsi təqdirəlayiqdir.
Beləliklə, biz bir daha uşaq hüquqları ilə bağlı görülən işlərə qanunvericilik nöqteyi-nəzərindən baxış keçirə bilir, perspektivləri müzakirə edirik. Eyni zamanda, uşaq ictimaiyyətinə də öz mesajımızı çatdırırıq ki,  Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti daim uşaqlarla birlikdədir, onların qayğılarının, problemlərinin həll olunması yönündə aktiv fəaliyyət göstərir.
Cənab Sədr, burada Siz və məruzə edən hörmətli şəxslər Azərbaycan Konstitusiyasının, qanunvericiliyinin, həqiqətən, uşaqlarla, onların hüquqlarının müdafiəsi ilə bağlı çox iş gördüyünü bir daha diqqətə çatdırdınız. Eyni zamanda, qeyd etmək istəyirəm ki, məsələ təkcə problemin qanunvericilik baxımından həllində deyil, Azərbaycan, əslində, o ölkələr siyahısındadır ki, həmin məsələləri, sadəcə, sənədlərdə deyil, praktik işdə, təcrübədə reallaşdırır.
Çəkəcəyim misal,  əslində, müəyyən sosial problemlər nəticəsində hüquqazidd əməllər törətmiş uşaqların sayı ilə bağlıdır. Hazırda Azərbaycanda 49 nəfər uşaq cəzaçəkmə müəssisəsində cəza çəkir. Əlbəttə,  hamımız çox arzulayırıq ki, ümumiyyətlə, belə hallar olmasın, uşaqlar cinayət törədib məhkum edilməsinlər. Eyni zamanda, bu rəqəmi çəkməklə onu da qeyd etmək istəyirəm ki, bu, MDB məkanında ən aşağı göstəricidir. Bir daha vurğulamaq istəyirəm,  əlbəttə, bizim siyasətimiz elə olmalıdır ki, bu cür hallar  minimuma ensin.
Fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, son dövrdə ölkəmizdə həyata keçirilən siyasət həm də ona yönəlib ki, bir çox inkişaf etmiş ölkələrdə aparılan ədliyyə islahatları Azərbaycanda da başa çatdırılsın. Yaxın günlərdə Milli Məclis Sədrinin və YUNİSEF-in Bakı nümayəndəsinin razılaşması əsasında Bakıda böyük bir beynəlxalq konfrans keçirildi. Konfrans məhz parlamentdə keçirildi. Belə demək mümkünsə, artıq yutenal ədliyyə haqqında qanun layihəsi ideyasını bütün tərəflər ümumilikdə qəbul edir. Yəqin ki, yaxın gələcəkdə biz bunu parlamentin müzakirəsinə çıxara biləcəyik.
Hər birimiz üçün vacib olan bir məsələ və qəbul etdiyimiz ideya ondan ibarətdir ki, uşaqlara münasibətdə azadlıqdan məhrumetmə növündə cəzasının tətbiqi, həbsi onlar, ümumiyyətlə, hətta cinayət törətmiş olsalar belə, son zəruri tədbir  olmalıdır. Eyni zamanda, təqdirəlayiq haldır ki, bu proseslər paralel gedir. Hazırda yeni bir cəzaçəkmə müəssisəsinin tikilməsinə  başlanılır. Eyni zamanda, istintaq təcridxanalarında uşaqların ayrılıqda xüsusi bir yerdə, daha mükəmməl, onların fizioloji və psixoloji durumlarına uyğun olan bir yerdə saxlanılması məsələsi də həllini tapıbdır. Təsadüfi deyil ki, amnistiya qanunlarında, əfv fərmanlarında hər zaman uşaqlarla bağlı xüsusi bir bölmə olur və  onlara qarşı ən yüksək səviyyədə humanist siyasət həyata keçirilir.
Bir daha vurğulamaq istəyirəm ki, ən başlıcası ondan ibarətdir ki, Azərbaycanda bu sahədə qoşulduğumuz beynəlxalq konvensiyalar, qəbul etdiyimiz qanunlar, bunlarla  yanaşı, ən başlıcası real, praktiki  işlər var. Təqdirəlayiq haldır ki, biz uşaqlarla bağlı mövcud olan problemləri sosial bir problem kimi başa düşür və onun hüquqi tənzimlənməsini  islahatlarla paralel həyata keçiririk. Sözsüz ki, burada qeyd olunduğu kimi, ölkəmizin sürətli iqtisadi inkişafı yeni məktəblərin tikilməsi, uşaqlarla bağlı müəssisələrin yaradılması bu işə çox müsbət təsir göstərir. Eyni zamanda, qloballaşma bizim gözləmədiyimiz bir sıra problemləri də meydana çıxarır və bu bir daha onu göstərir ki, uşaqlara münasibətdə hər zaman çox diqqətli olmalı, hər zaman yarana biləcək problemin qarşısının alınması  istiqamətində profilaktik işlər görməliyik.
Mən bir daha bu iclasın keçirilməsinin vacibliyini  xüsusi vurğulayıram. Hesab edirəm ki, bu, Azərbaycan parlamentinin həyatında, ictimai-siyasi həyatımızda mühüm bir hadisədir və hamınızı bu münasibətlə təbrik edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, qonaqlar! Həqiqətən, bu gün keçirilən tədbir Azərbaycanın ictimai-siyasi həyatında çox dəyərli hadisələrdən biridir və illər keçəcək, bugünkü konfransın nəticələri Azərbaycan gələcəyi olan uşaqların həyatında müstəsna rol oynayacaqdır. Mən çox təşəkkür edirəm ki, ötən il YUNİSEF-in Azərbaycandakı nümayəndəsi ilə birgə keçirdiyimiz konfrans haqqında çox qısa, lakin yığcam məlumat verildi. Təşəkkür edirəm ki, birgə apardığımız tədqiqat yüksək qiymətləndirildi. Həqiqətən, biz beynəlxalq ekspertlərlə birlikdə Azərbaycan tarixində ilk dəfə olaraq uşaq büdcəsinin hazırlanması ilə əlaqədar tədqiqatlar apardıq. Bu çox çətin, mürəkkəb bir iş idi, informasiya qıtlığı var idi, təcrübə yox idi. Ancaq YUNİSEF-in bizə ayırdığı səviyyəli ekspertlərlə bu ilin birinci mərhələsini başa çatdırdıq.
Azərbaycan regionda və dünyada az sayda ölkələrdəndir ki, özünün analoqu olmayan iqtisadi artımı sayəsində bir çox ölkə üçün model ola biləcək sosial və iqtisadi inkişaf yolu keçmək imkanına sahibdir. Dinamik inkişaf hökumətə ölkədə yoxsulluq həddini 14 faiz endirməyə və son on ildə büdcə xərclərini 10 dəfədən çox artırmağa imkan vermişdir. Yoxsulluqdan isə daha çox əziyyət çəkən uşaqlardır. Ona görə də yoxsulluğun daha da azaldılması və inkişafın davamlılığını təmin edəcək sağlam və yaxşı təhsil almış insan kapitalına sahib olmaq üçün uşaqlara xüsusi qayğı göstərilməsi vacibdir. Bizim apardığımız tədqiqatlar bir daha göstərdi ki, həm sosioloqlar, həm iqtisadçılar, həm də siyasətçilər dünya təcrübəsindən bəhrələnməlidirlər. Biz əhalinin yaş qrupları üzrə demoqrafik göstəriciləri təhlil etdik. Təhsilə, səhiyyəyə ayrılan xərclərlə uşaqlara ayılan xərclərin nə qədər olduğunu müəyyən etdik. Tədqiqatda səhiyyə və təhsilə ayrılan büdcə xərclərinin həm nominal, həm də real olaraq, illər üzrə necə dəyişdiyini nəzərdən keçirdik. Üstəlik bu zaman ölkələr üzrə müqayisələr aparıldı. Hörmətli Oqtay müəllim, Sizə məlumat verirəm ki, biz beynəlxalq ekspertlərlə bu təhlili apararkən bir çox məsələlərdə fikir birliyinə nail olduq. Çünki ilk vaxtlarda bizə təqdim edilmiş materiallarda Azərbaycanın sosial-iqtisadi inkişafı, demoqrafik göstəriciləri obyektiv qiymətləndirildi. Biz bir yerdə bir çox məsələlərdə konsensusa nail olduq. 
Təhlil prosesində dövlət büdcəsinin sosial sfera üzrə dinamikası və strukturu ətraflı araşdırıldı. Belə bir dinamikanın əhalinin demoqrafik göstəriciləri ilə əlaqəsi öyrənildi. Müəyyən edildi ki, uşaq ölümü ilə səhiyyəyə ayrılan xərclər, sahənin səmərəliliyi arasında sıx əlaqə vardır. Son illərdə bu sahədə görülən işlər öz səmərəsini verir.
Bununla belə, uşaqlarla bağlı demoqrafik göstəricilərin yaxşılaşması üçün isə dövlət büdcəsindən ayrılan vəsaitlərin artırılması, səmərəli paylanması ilə yanaşı, vəsaitlərin bölgüsündə regionlara diqqətin artırılması vacibdir ki, bu məsələ də büdcə proqnozlarında nəzərə alınacaqdır.
Konkret məktəb proqramlarının xərc və faydalarının tədqiq edilməsi göstərdi ki, məktəbəqədər təhsilə qoyulan investisiyalardan əldə edilən mənfəət təhsilin digər pillələrində qazanılan mənfəətdən çoxdur və uşaq bağçalarında qazanılan bacarıqlar gələcək tədris üçün baza rolunu oynayır. Razılıq hissi ilə qeyd edilməlidir ki, Azərbaycanda hazırda dövlət başçısının tapşırığı ilə  məktəbəqədər uşaq bağçalarının inkişafı ilə əlaqədar  irimiqyaslı işlər nəzərdə tutulur. Apardığımız təhlillər əsasında uşaq və ailə problemlərinin iqtisadi aspektlərinin də ətraflı öyrənilməsi, bu istiqamətdə büdcə vəsaitlərinin planlaşdırılması və istifadəsi üzrə beynəlxalq təcrübənin tətbiqi, sosial nəticəyə  istiqamətləndirməklə uşaqların, o cümlədən məhdud qabiliyyətli, əlil, kimsəsiz uşaqların hüquq və maraqlarının qorunması və bu məqsədlər üçün büdcə və sair gəlirlərdən istifadə olunması nəzərdə tutulur.
YUNİSEF-lə aparılan tədqiqatlarımız göstərdi ki, Azərbaycan uşaqları orta səviyyəli rifaha malikdirlər və son illərdə vəziyyətin müxtəlif sahələrdə daha da yaxşılaşdığını göstərən faktlar çoxdur. Elə yoxsulluğun azalması faktını  qeyd etmək istəyirəm. Biz regionlar üzrə yoxsulluğun səviyyəsi ilə uşaqların yaşayış səviyyəsini xarakterizə edən bir sıra  göstəriciləri təhlil etdik. Milli Məclisin komitələri, o cümlədən İqtisadi siyasət komitəsi, Sosial siyasət komitəsi və digər komitələr, hökumət və Maliyyə Nazirliyi də  hesab edirlər ki, uşaqlarla bağlı müəyyən  edilən vəsaitlərin hazırlanmasının normativ bazası daha da təkmilləşməli, müqayisəli təhsil, qabaqcıl dünya təcrübəsindən bəhrələnmək və maliyyə şəffaflığı istiqamətində görülən işlər qarşıdakı dövrdə daha da geniş vüsət almalıdır.
Büdcənin icrası zamanı dövlət orqanlarının rolunun və fəaliyyətinin səmərəliliyinə nəzarətin gücləndirilməsi, ölkənin keyfiyyətli iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin monitorinqini aparacaq indikatorlar sisteminin işlənib hazırlanması, bu zaman  yoxsulluğun səviyyəsinin azaldılması kimi kəmiyyət göstəriciləri deyil, həm də keyfiyyət göstəricilərinin nəzərə alınması təklif edildi. Hazırda hökumət Maliyyə Nazirliyi ilə bu barədə məsləhətləşmələr aparır.
YUNİSEF-lə bizim apardığımız  tədqiqatlar bundan sonra da davam edəcək. Mən əminəm ki, yaxın gələcəkdə,  bir neçə il ərzində artıq biz Azərbaycanda dövlət büdcəsinin tərkibində uşaq büdcəsinin də xüsusi olaraq bölünməsinə nail olacağıq. Mən bir daha belə bir konfransın yüksək səviyyədə keçirilməsində göstərdiyiniz diqqətə görə, Oqtay müəllim, Sizə təşəkkür edirəm. Belə bir tədbir uzun illər Azərbaycan cəmiyyətində, Azərbaycanın gələcəyi olan uşaqların yaddaşında qalacaqdır. Diqqətinizə görə çox sağ olun.  
Sədrlik edən. Çox sağ olun. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev.
Ş.Hacıyev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və əziz uşaqlar!  Doğrudan da, bu gün  Uşaq hüquqları Konvensiyasının yubileyində və bütövlükdə 2009-cu ilin Azərbaycanda Uşaq ili elan edildiyi bir vaxtda belə bir iclasın Milli Məclisdə keçirilməsi olduqca təqdirəlayiqdir. Bu bir daha göstərir ki, Azərbaycanda uşaq hüquqlarının qorunmasına və bunun üçün müvafiq qanunvericilik bazasının yaradılmasına olduqca böyük əhəmiyyət və diqqət yetirilir. Uşaqların həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, onların təhsilə cəlb olunması, sosial müdafiəsinin təmin olunması hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da ən prioritet vəzifələr sırasına daxildir.
Biz bir qədər əvvəl filmə baxdıq və orada ümummilli liderimizin çox dahiyanə surətdə söylədiyi bir neçə fikri bir daha yada salmaq istəyirəm: “Uşaqlar bizim sərvətimizdir, bizim gələcəyimizdir, gələcəyimizi müəyyən edən ən mühüm amillərdən biridir”. Bu yalnız sözdə deyil, real işdə, dövlət siyasətində bilavasitə öz əksini tapmışdır. Müstəqilliyimizi əldə etdiyimiz vaxt, bu illər ərzində uşaqlara qayğı, diqqət ön planda olmuş və real işlə bu siyasət həyata keçirilmişdir. Bu təsadüfi deyil. Əvvəla, hər bir cəmiyyətdə və onun gələcək inkişafında uşaqların rolu danılmazdır. Bu, qlobal bir məsələdir və bütün dünya ölkələri bu istiqamətdə müəyyən iş görürlər. Azərbaycanda əhalinin demoqrafik strukturuna baxsaq görərik ki, uşaqların sayı tarixən xüsusi çəkiyə malikdir və bütün dövrlərdə 30-40 faiz arasında tərəddüd edib. Bu o deməkdir ki, uşaqlar bütünlükdə əhalimizin təxminən üçdə birindən  çoxunu təşkil edir.
Digər tərəfdən, uşaqların həm mənəvi, həm də fiziki cəhətdən sağlam  böyüməsi üçün uşaq hüquqlarının qorunması sahəsində qarşıya qoyulan çoxşaxəli və kompleks məsələlərin tam həllinə ciddi yanaşılmalıdır. Burada digər ən mühüm vəzifələrdən biri də uşaqların milli-mənəvi dəyərlərə  sadiq ruhda tərbiyə olunması olduqca vacib bir məsələdir. Şübhəsiz ki, uşaqların problemləri və onların hüquqlarının təmin olunması məsələsi olduqca çoxşaxəli bir məsələdir. Bu yalnız təhsillə, səhiyyə ilə, idmanla bağlı deyil, bütünlükdə ailə problemləri ilə, bütünlükdə cəmiyyətin inkişafı ilə bağlı olan bir məsələdir. Bu məsələ Azərbaycanda ən prioritet istiqamətlərdən biri kimi qəbul olunmuşdur.
Konkret faktlara müraciət etsək görərik ki, 2010-cu ilin büdcə layihəsində uşaqların sağlamlığı və təhsili ilə bağlı çox böyük miqdarda vəsaitlərin ayrılması nəzərdə tutulmuşdur.  Təhsil sahəsini götürək. Təhsilə cari ildə 1 milyard 250 milyondan çox vəsait ayrılmışdır ki, bunun da 70 faizdən çoxu məktəbəqədər, ümumi təhsil və ilk peşə ixtisas təhsil müəssisələri üçün nəzərdə tutulmuşdur. Burada da, əsasən, uşaqlar təhsil alırlar.
Hörmətli millət vəkilləri, şübhəsiz ki, uşaq hüquqlarının təmin olunması məsələsindən, problemlərindən danışarkən, ilk növbədə, onların təhsilə cəlb olunmasından, təhsil hüquqlarının təmin olunmasından danışmaq lazımdır. Bu baxımdan Milli Məclisin bütün dövrlərdəki fəaliyyəti olduqca təqdirəlayiqdir və mən bu istiqamətdə “Təhsil haqqında” Qanunun qəbul olunmasını çox müsbət bir hal kimi qeyd  edirəm.
“Təhsil haqqında” Qanunda uşaqların təhsil hüquqlarının təmin olunması, bütünlükdə təhsilə cəlb olunması və ən əsas hər bir uşaq üçün keyfiyyətli təhsilin təmin olunmasını təmin edən normativ hüquqi bazanın yaradılması olduqca önəmlidir. Bu məsələlər qanunda təfsilatı ilə qeyd olunmuşdur. Xüsusilə məktəbəqədər təhsil haqqında bir neçə kəlmə söz demək istəyirəm. 5 yaşına qədər uşaqların təhsilinin zəruri olması bu sahədə işlərin tamamilə yeni əsaslarda qurulmasını tələb edir. Biz  inkişaf etmiş ölkələrlə, o cümlədən Avropa ölkələrinin əldə etdikləri nəticələri müqayisə etsək görərik ki, bir neçə il öncə Azərbaycanda  məktəbəqədər yaşında olan uşaqların təhsilə cəlb olunmasının səviyyəsi olduqca aşağı idi. Bu, şübhəsiz ki, məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının zəif olması, texniki imkanların zəif olması ilə əlaqədar idi. Amma “Təhsil haqqında” Qanunun qəbul olunmasından sonra bu qısa müddət ərzində bu istiqamətdə çox ciddi canlanma baş verib.
Hörmətli millət vəkilləri, bu istiqamətdə mən bəzi rəqəmləri nəzərinizə çatdırmaqla uşaqların təhsilinin yüksək səviyyədə təmin olunmasına imkan verən maddi-texniki bazanın, infrastrukturun təmin olunması sahəsində ölkədə aparılan işləri nəzərinizə çatdırmaq istəyirəm. Son 5 il ərzində Azərbaycanda 1800-dən çox yeni məktəb tikilib istifadəyə verilmişdir. Belə bir göstərici dünyanın heç bir ölkəsində indiyə qədər əldə olunmayıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Qısa müddət ərzində 300-dən çox məktəbin tikilib istifadəyə verilməsi, onların ən müasir avadanlıqlarla təmin olunması, internet şəbəkəsinə qoşulması uşaqlara göstərilən qayğının, diqqətin bariz nümunəsidir. Bu gün təhsil sistemində 20-yə yaxın dövlət proqramı həyata keçirilir. Bu proqramların əksəriyyəti uşaqlarla bağlıdır. Xüsusilə  məktəbəqədər təhsillə bağlı xüsusi dövlət proqramı, ümumi təhsillə bağlı xüsusi dövlət proqramı, ilk peşə ixtisas təhsilin təşkili ilə bağlı dövlət proqramlarını qeyd etmək lazımdır. Bütün bunların həyata keçirilməsi uşaqlara qayğının yalnız sözdə deyil, bunun əsl dövlət səviyyəsində, yəni dövlət siyasəti səviyyəsinə qaldırılmasından xəbər verdiyini təsdiq etməyə əsas verir.
Hörmətli millət vəkilləri, son illərdə uşaqlarımızın fiziki və mənəvi baxımdan sağlam böyüməsi üçün müvafiq imkanlar daxilində lazımi işlər görülməsinə baxmayaraq, qeyd etmək lazımdır ki, hələ də uşaqların hüquqlarının pozulması ilə bağlı müəyyən problemlər qalmaqda davam edir. Mən burada YUNESKO-nun Azərbaycandakı nümayəndəliyinin iştirakından istifadə edərək, bir daha yada salmaq istəyirəm ki, Azərbaycanda uşaqların hüquqlarının pozulması əsas etibarilə torpaqlarımızın işğal altında olmasından və hələ də işğalın davam etməsindən irəli gəlir. İşğal nəticəsində 100 minlərlə övladlarımın, uşaqlarımızın hüquqları pozulur. Dövlətimiz hüququ pozulmuş uşaqların sağlam böyüməsi üçün, onların təhsilə cəlb olunması üçün, sosial təminat sahəsində müəyyən tədbirlərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görməsinə baxmayaraq, bu məsələnin həll olunması bu gün  nəinki bizləri, bütün dünya ictimaiyyətini narahat etməlidir. Hələ erkən yaşlardan uşaqlarımızın nikaha girməsi, əmək proseslərinə cəlb olunması məsələsi də qalmaqdadır ki, bu istiqamətdə də Milli Məclis öz qanunvericilik fəaliyyətini davam etdirməlidir.
Sonda qeyd etmək istəyirəm ki, son illər ərzində Azərbaycanın bütün sahələrində həm iqtisadi, həm sosial, həm də xarici əlaqələr sahələrində əldə edilən uğurlara adekvat olaraq, yəni müvafiq olaraq uşaqların da hüquqlarının təmin olunması, uşaqların sağlam böyüməsi, mənəvi tərbiyəsi sahəsində  misilsiz uğurlar əldə olunmuşdur. Mən əminəm ki, uşaqlarımızın bu ruhda tərbiyə olunması Azərbaycanın gələcək uğurlarından xəbər verəcək və Azərbaycanın gələcəkdə daha qüdrətli bir dövlətə çevrilməsi üçün real zəminlər yaradacaq. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovaya söz verilir.
S.Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, əziz uşaqlar! Mən ilk növbədə BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 20-ci ildönümü münasibəti ilə sizin hər birinizi ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər birinizin evindən uşaq qığıltısı gəlsin. Bütün dünyada bu tarixi gün qeyd olunur. Mən deyərdim ki, Azərbaycanda  artıq iki aydır ki, uşaq mövzusu gündəmdən düşmür. Düzdür, 2009-cu il Uşaq ili elan olunmuşdur və bütün il boyu uşaqlarla bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi göz qabağındadır. Amma son günlər hər bir qurum, həm hökumət, həm də qeyri-hökumət  təşkilatları bu istiqamətdə tədbirlər həyata keçirirlər. Bu da çox fərəhlidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev  2009-cu ili Uşaq ili elan etmişdir. Bugünkü nitqlərdən, danışıqlardan, hesabatlardan göründü ki, Azərbaycan hökuməti uşaqlara çox böyük önəm verir, diqqət yetirir. Qəbul olunan qanunvericilik aktları, dövlət proqramları, ölkədə aparılan sosial-iqtisadi inkişaf məhz uşaqların inkişafına və insan kapitalına yönəlmişdir.
Bu gün biz konvensiyanın 20 illiyini qeyd edirik və Azərbaycan 1992-ci ildən bu konvensiyaya qoşulub. Bu, Azərbaycan hökumətinin Birləşmiş Millətlər Təşkilatı qarşısında uşaq hüquqları barədə verdiyi ikinci hesabatdır.  2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  yaranması artıq Azərbaycan hökumətinin uşaq siyasətinə verdiyi qiymətdir. Bu istiqamətdə komitə tərəfindən aparılan monitorinqlər, tədqiqatlar, maarifləndirmə işləri  göstərir ki, Azərbaycanda uşaqlarla bağlı görülən işlərlə yanaşı, hələ qarşıda duran işlərimiz, problemlərimiz çoxdur.
Burada deyilən, görülən işləri vurğulamaqla bərabər qeyd edərdim ki, doğrudan da, bu gün Azərbaycanda əldə olunan kapital insan kapitalına yönəlir. Diqqətinizə bir məqamı da çatdırmaq istərdim. Dövlətimizlə yanaşı, bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti qeyd olundu. Bu, doğrudan da,  hər bir qeyri-hökumət təşkilatı üçün, imkanlı  vətəndaş üçün bir örnəkdir. Uşaq ilinin məqsədi də ondan ibarətdir ki, dövlətin gördüyü işlərlə birlikdə Azərbaycanda fəaliyyət göstərən hər bir şirkət, ümumiyyətlə, imkanlı şəxslər uşaq problemlərinə diqqət yetirsinlər. Bu səpkidə Azərbaycana töhfə vermək, uşaqları xoşbəxt etmək savab iş olardı.
Bu gün parlament kürsüsündən istifadə edərək qeyd etmək istəyirəm ki, Azərbaycanda xüsusi istedada malik olan uşaqlarla yanaşı, xüsusi qayğıya ehtiyacı olan azyaşlı vətəndaşlarımız da var. Bu məsələ bizim diqqət mərkəzimizdədir. Bu il Azərbaycan Respublikası Prezidentinin uşaq ili ilə bağlı imzaladığı tədbirlər planı çərçivəsində bu qəbildən olan uşaqların məlumat bankının toplanması istiqamətində biz iş aparırıq.
Bilirsiniz ki, Azərbaycanda 90-dan çox qeyri-hökumət uşaq təşkilatı var və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi onlarla sıx işləyir.  Minnətdarlıq hissi ilə deyərdim ki, uşaq problemlərinin araşdırılmasında qeyri-hökumət təşkilatlarının böyük töhfəsi var. Bu gün onlardan bir neçəsini qeyd etmək istərdim və “Uşaqların xilası” qeyri-hökumət təşkilatının  gördüyü işləri diqqətinizə çatdırmaq istəyirəm. Onlar regionlarda ailə və uşaqlara dəstək mərkəzləri formalaşdırır və dövlətə təhvil verirlər. Yaxşı olardı ki, bu gün Azərbaycanda, ümumiyyətlə, qeyri-hökumət təşkilatları tərəfindən yaradılmış reabilitasiya mərkəzləri,  ailələrə və uşaqlara xidmət edən mərkəzlər dövlətə ötürülsün və onlar dövlət tərəfindən maliyyələşdirilsin. Çünki onlar layihə çərçivəsində yaradılır, uşaqlara və ailələrə xidmət edirlər. Onların layihə müddəti qurtaranda isə fəaliyyətləri  dayandırılır. Belə qeyri-hökumət təşkilatlarına dəstək vermək lazımdır və onların gördükləri işi biz davam etməliyik.
Bilirsiniz ki, Uşaq ili çərçivəsində bir sıra tədbirlərlə yanaşı, uşaqların  qurultayının keçirilməsi məsələsi də gündəmdə idi. Biz bu qurultayı “Nur” uşaq təşkilatı ilə birlikdə həyata keçirmək istəyirdik.  Biz millət vəkillərinə dəvətnamələr də göndərmişik. Fürsətdən istifadə edib qeyd etmək istəyirəm,   forumun keçiriləcəyi tarix dəyişdirilib. Forum müvəqqəti olaraq dayandırılıb və həftənin birinci, ikinci günü forum olmayacaq. Biz bu barədə sizə əlavə məlumat verəcəyik. Çünki  havaların soyuması və uşaqların həssas qrupa daxil olması ilə əlaqədar, habelə dünyada  virus qripi ilə bağlı Səhiyyə Nazirliyi narahatçılığını bizə çatdırdı. Biz də onların narahatçılığını başa düşərək forumun keçirilməsini müvəqqəti olaraq dayandırırıq və bunu  məlumat üçün qeyd etmək istəyirəm.
Bu forum özünün qeyri-adiliyi ilə fərqlənir. Belə ki, hansısa dövlət qurumunun yox, uşaqların özlərinin təşəbbüsü ilə, onların “Nur” təşkilatına göndərdiyi təkliflər, fikirlər nəzərə alınaraq seçim aparılıb. Təxminən 250-ə yaxın forum nümayəndəsinin adı formalaşmışdı. Amma müraciət edən uşaqların sayı 1000 nəfərə yaxın idi. Bu isə o deməkdir ki, Azərbaycanda, doğrudan da, uşaqlar artıq bir vətəndaş kimi formalaşır, fəaliyyət göstərir, öz mövqelərini nümayiş etdirirlər. Bu isə öz növbəsində Azərbaycanda qəbul olunan qanunvericilik aktlarının, uşaqlarla aparılan səmərəli işin, təhsil, səhiyyə sahəsində maarifləndirmə  tədbirlərinin  nəticəsidir. Bu gün Azərbaycan uşaqları çox fəaldırlar və onların fəallığı təkcə Azərbaycanda yox, beynəlxalq təşkilatlarda və müxtəlif beynəlxalq qurumlarda özünü göstərir. Bu da bizim birgə apardığımız səmərəli işlərin nəticəsidir.
Mən bir problemə də diqqət yetirmək istəyirəm. Küçə uşaqları ilə,  hüquq pozuntusuna yol vermiş  uşaqlarla bağlı qanunvericilik bazasının möhkəmlənməsi istiqamətində artıq çox sevindirici haldır ki, yuvenal ədliyyə ilə bağlı qanun layihəsi hazırlanır və bu yaxınlarda həmin məsələyə baxılacaq. Hesab edirəm ki, gələcəkdə belə bir qanunun qəbul olunması  bu qəbildən olan uşaqların problemlərinin həllinə  böyük töhfə verəcəkdir.
Məişət zorakılığı haqqında qanun layihəsinin Milli Məclisdə müzakirəsi keçiriləcək. Dekabrın 26-da  bu məsələyə baxılacaq. Bu da uşaq hüquqlarının pozulmasının mənbəyini araşdırmağa, ailədə baş verən xoşagəlməz halların aradan qaldırılmasına öz töhfəsini verəcəkdir. Hesab edirəm ki, yaxında müzakirə etdiyimiz Ailə Məcəlləsinə edilən dəyişikliklərə Milli Məclisin üzvləri həssaslıqla yanaşaraq, qanunvericilik bazasının bir az da zənginləşməsinə imkan yaradacaqlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Sədaqət xanım. Azərbaycana Birgə Yardım qeyri-hökumət təşkilatının nümayəndəsi xanım Qvendolin Börçell. 
Q.Börçell, Azərbaycana Birgə Yardım qeyri-hökumət təşkilatının nümayəndəsi.
Hörmətli xanımlar və cənablar!
İlk öncə bugünkü tədbirə məni dəvət etdiyiniz və  çıxış etmək imkanı yaratdığınız üçün Sizə minnətdaram. Fürsətdən istifadə edib, hörmətli Mehriban xanım Əliyevaya uşaq hüquqlarının müdafiəsi sahəsinə göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm.
İcazə verin, çıxışımı ingilis dilində davam etdirim. Çünki mənim üçün bir az çətindir.
During 12 years I have been working in the child welfare field and I have felt a significant change since Mehriban hanum has become involved in this process.
Whilst UAFA’s mission is to aid long-term development of life in Azerbaijan, with particular focus on children, health and education, we started with a focus on children with disabilities because this is one of the most vulnerable groups.  However, the principles by which we work can be applied to the whole child welfare system.
UAFA has been working in partnership with the Social Policy Commission for 9 years, leading to a growing understanding of the benefits of civil society partnership with policy-makers. Civil society organisations are embedded in a community; they understand the needs, resources and challenges for vulnerable groups more easily.
When there is trust between vulnerable groups and the NGOs that represent them, this can generate the information that is invaluable for policy-makers to reform legislation that reflects the needs of this population.
I would like to emphasise that the issue of NGO’s active participation in policy making process was raised and ORDER (QERAR) was made in the sitting of Social Policy Committee 3 day before. I would like to express my gratitude Social Policy Committee for this very significant decision. Also, I would like to bring into your attention that UAFA is always ready for any kind of collaboration.
In the past 2 years, UAFA’s partnership with Milli Mejlis has been focused on the needs and rights of children with disabilities and their families.  We have trained parents how to prioritise their needs and present their ideas for the solutions, not the problems.  We have brought 12 Deputats to their regions to meet with these parents, discuss their issues and learn more about their daily lives.  This social rights approach to democratic development brings civil society and policy-making closer together, it leads to legislative reform based on needs and reality and it helps vulnerable groups to make their voice heard.
This process becomes more important now that Azerbaijan has signed and ratified the UN Convention on the Rights of People with Disabilities.  In order to implement this UN Convention, it becomes even more important to include the voice of people with disabilities to policy-making as only the person with disabilities and their family can really understand the challenges that disabilities can raise.  Following our successful partnership with the Social Policy Commission, UAFA feels confident that the Government of Azerbaijan will make every effort to work with civil society and effectively implement this Convention as they are doing with the Convention on Children’s Rights.
Diqqətinizə görə təşəkkür edirəm!

Azərbaycana Birgə Yardım Qeyri-Hökumət Təşkilatının nümayəndəsi xanım Qvendolin Börçellin çıxışının tərcüməsi.
Hörmətli xanımlar və cənablar!
İlk öncə bugünkü tədbirə məni dəvət etdiyiniz və  çıxış etmək imkanı yaratdığınız üçün Sizə minnətdaram. Fürsətdən istifadə edib, hörmətli Mehriban xanım Əliyevaya uşaq hüquqlarının müdafiəsi sahəsində göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm.
Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi sahəsində çalışdığım 12 il müddətində Mehriban xanımın bu prosesə  qoşulduğu vaxtdan nəzərəçarpacaq dəyişikliklər hiss edilir.
Azərbaycana Birgə Yardım Təşkilatının missiyası Azərbaycanda uşaqların sağlamlığını və təhsilini xüsusi diqqət mərkəzində saxlamaq, habelə sosial həyatın uzunmüddətli inkişafına kömək etməkdir. Biz fəaliyyətimizə əlilliyi olan uşaqlardan başladıq. Çünki onlar daha həssas qruplara daxildirlər. Lakin bütövlükdə iş prinsiplərimiz uşaq rifah sisteminə şamil edilə bilər. 
UAFA təşkilatı 9 ildir ki, Milli Məclisin Sosial siyasət komitəsi ilə sıx əməkdaşlıq edir. Biz əlilliyi olan uşaqların və onların ailələrinin qarşılaşdığı problemləri dərindən öyrənir, yerlərdə mövcud resursları nəzərə alır, qanunvericilikdə müvafiq dəyişikliklərlə bağlı təklif və tövsiyələrimizi mütəmadi olaraq komitəyə təqdim edirik.
Qeyd etmək istəyirəm ki, üç gün bundan öncə Sosial siyasət komitəsinin iclasında QHT-lərin fəal iştirakı barədə məsələyə baxılmış və bununla bağlı qərar çıxarılmışdır. Bu  əhəmiyyətli qərara görə Sosial siyasət komitəsinə təşəkkür edirəm və UAFA olaraq daim əməkdaşlığa hazır olduğumuzu bildirirəm.
Son iki ildə UAFA təşkilatının parlamentlə əməkdaşlığının əsas istiqamətlərini əlilliyi olan uşaqlar və onların ailələrinin ehtiyacları və hüquqlarının müdafiəsi təşkil edir. Biz valideynlərin ehtiyaclarını müəyyənləşdirərək həmin ehtiyacların aradan qaldırılması üçün təkliflərini təqdim etmək üzrə təlimlər keçmişik.
On millət vəkilinin seçildiyi regionlara səfər etmiş, valideynlərlə görüşərək onların üzləşdikləri problemlər haqqında ətraflı məlumat toplamış və onların əsasında qanunvericilik səviyyəsində təkliflər etmələri üçün görüşlər təşkil etmişik.
Demokratik inkişafa doğru sosial yanaşma vətəndaş cəmiyyəti və qərarverici təsisatları bir-birlərinə yaxınlaşdırır, nəticədə ehtiyaclara əsaslanan islahatların aparılmasına, həssas təbəqədən olan insanların səsinin yüksək qurumlarda eşidilməsinə gətirib çıxarır.
Azərbaycan hökuməti Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi haqqında BMT-nin Konvensiyasını ratifikasiya etmişdir. Əlilliyi olan insanlar və onların ailə üzvləri üzləşdikləri çətinliklərin nə demək olduğunu hamıdan yaxşı bilirlər. Ona görə də konvensiyanın həyata keçirilməsində  əlilliyi olan insanların qərarvericilik prosesində iştirakı böyük əhəmiyyət kəsb edir.
Sosial siyasət komitəsi ilə uğurlu əməkdaşlığı nəzərə alaraq, UAFA inamla etiraf edə bilər ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti ilə əməkdaşlığı daha da genişləndirərək BMT-nin Uşaq Hüquqları haqqında  Konvensiyasını uğurla yerinə yetirdiyi kimi bu konvensiyanın da effektiv icrasında öz  dəstəyini əsirgəməyəcək.
Bir daha uşaqlara həsr olunmuş belə yüksək səviyyəli tədbirin təşkilinə görə hamınıza təşəkkürümü bildirirəm.
Diqqətinizə görə sağ olun!
Sədrlik edən. Milli Məclisin deputatı Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Mən bir cümlə ilə ümumi fikri yekunlaşdıraraq demək istəyirəm, nə qədər ki Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır, nə qədər ki Azərbaycanda Heydər Əliyev ideyalarının davamçıları var, Azərbaycanda uşaq problemlərinə diqqət yetiriləcək və bu problemlərin həll olunması yolunda görülən işlərin də keyfiyyəti yüksək səviyyədə olacaq. Mən qürurla demək istəyirəm ki, bəli, Azərbaycan müharibə şəraitində olmasına,  1990-cı illərdə ölkədə baş verən bəzi təlatümlərə baxmayaraq, hər zaman bizim ölkəmizdə uşaq problemlərinin həlli ən yüksək səviyyədə, dövlətin birinci şəxsi səviyyəsində önə çəkilib.
Bir faktı da qeyd etmək istəyirəm. Bilmirəm, bəlkə də səhv oldu. Ola bilər, texniki səhv idi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi dedi ki, Uşaq hüquqları haqqında Konvensiyanı Azərbaycan 1992-ci ildə imzalayıb. Ancaq bu belə deyil. Ulu öndərin hakimiyyətə qayıdışından sonra imzaladığı ilk beynəlxalq sənəd Uşaq hüquqları haqqında Konvensiya olub. Bu, 1993-cü ildə baş verib. Həmin sənədin imzalanması isə birbaşa Azərbaycan parlamenti ilə bağlıdır. Güman edirəm ki, bu da bizim bugünkü tədbirimizlə  səsləşən bir məsələdir.
Eyni zamanda, bu gün bir çox ölkələrin, əgər belə demək mümkünsə, əslində girinc qaldığı problemlər var. Bu da uşaq alveri ilə bağlıdır.  Azərbaycanda isə cənab Prezidentin bu məsələyə təsir etməsi nəticəsində uşaq alveri kimi məsələ ortadan qalxıb. Mən Azərbaycan parlamentinin də bu sahədə apardığı işləri xüsusilə qeyd etmək istəyirəm. Məhz Azərbaycan parlamenti övladlığa götürməklə bağlı konvensiyanın imzalanması prosesində siyasi iradəsini ortaya qoydu. Cənab Prezident İlham Əliyevin xüsusi qeydləri də nəzərə alınandan sonra həmin konvensiya Azərbaycan parlamenti tərəfindən qəbul edildi.
Burada bir-iki arzumuzu da diqqətə çatdırmaq yaxşı olardı.  YUNİSEF-in Azərbaycanda gördüyü işlər barədə Hadi müəllim qeyd etdi. Mən də bir qeyri-hökumət təşkilatının sədri kimi xüsusilə bu məsələni qeyd edərək altından xətt çəkmək istəyirəm. Məncə, Azərbaycan uşaqlarına olan diqqətin  bir tarixi də ondan ibarətdir ki, məhz Heydər Əliyevin bu məsələyə olan diqqəti sayəsində 1996-cı ildə Respublika Uşaq Təşkilatı yaradıldı və  ilk olaraq qeyri-hökumət təşkilatının nümayəndəsi kimi həmin parlamentə seçildim. YUNİSEF-in bu sahədə apardığı işləri biz hər zaman qeyd etmişik.
Amma bu gün cənab Herevardın diqqətinə bir məsələni də çatdırmaq istərdim. Şübhəsiz ki, biz ölkəmizdə aparılan işləri qeyd edirik. Bu gün ölkədə bu işin bayraqdarı olan, bütün uşaqlara, əgər belə demək mümkündürsə, bir ana qayğısı ilə yaxınlaşan Mehriban xanım Əliyevanın diqqətində olan bütün məsələləri xüsusilə qeyd edirik. Amma çox istərdik ki, YUNİSEF bu məsələlərdən başqa Azərbaycanda olan bir sıra problemlərlə bağlı beynəlxalq aləmdə öz sözünü deyə bilsin və bu sözləri həyata keçirmək iqtidarında olsun. Bəzən YUNİSEF-in hesabatlarını oxuyanda məndə belə bir fikir əmələ gəlir ki, sanki o hansısa təftiş təşkilatıdır. Sadəcə, Azərbaycanda nələri isə öyrənir və nələri isə təftiş etmək fikrindədir.
Mən bir qeyri-hökumət təşkilatının sədri kimi, bir millət vəkili kimi,  eyni zamanda, Əsir və Girov Düşmüş Vətəndaşlarla Bağlı Komissiyanın üzvü kimi demək istəyirəm ki, uzun illərdir, əsirlikdə olan uşaqlarımızla bağlı  müxtəlif beynəlxalq təşkilatlara müraciətlərimiz olub. Çox təəssüflə demək istəyirəm ki, YUNİSEF-in bu sahədə atdığı heç bir addımın, hələ ki, real nəticəsini və yaxud bəyanatın özünü görməmişik.
İkinci məsələni demək istərdim ki, uşaq ölümü ilə bağlı tez-tez hesabatlar cəlb olunur və bununla bağlı Azərbaycanın qarşısında bir çox məsələlər qoyulur. Mən çox böyük əminliklə demək istəyirəm ki, Azərbaycanda heç kim uşaq ölümünün yüksək səviyyədə olmasını istəmir. Amma reallıqlar və gerçəkliklər var və beynəlxalq təşkilatlar bu məsələdə bizim ölkəmizə öz köməklərini əsirgəməməlidirlər. YUNİSEF-dən də  xahiş etmək istərdim ki, bu gün Azərbaycanda uşaqların sağlamlığı ilə bağlı  yeni bir layihə nəzərdə tutsun və uşaq ölümünün azalması səbəblərindən birini aradan qaldırmaq üçün uşaqlarla bağlı pediatriya sahəsində kadrların hazırlanması məsələsində Azərbaycana yaxından kömək etsin.
Bu qədər ciddi məsələlərdən sonra, sadəcə, Uşaq parlamentinin sədrini də təbrik etmək istərdik ki, o, artıq tələbə adını qazanıb. Bizim bu gənc oğlumuza da demək istərdim ki, məncə, o yavaş-yavaş gənclər parlamentinə keçməlidir, yerini özündən daha gənc uşaqlara verməlidir. Çünki bizim uşaqlarımızın, maşallah, böyümələri, orduda xidmət etmələri bizi sevindirir. Nikah yaşları da artıq 18-dir. Çox istərdim ki, biz gələn dəfə burada Uşaq parlamentinin, doğrudan da, 18 yaşına kimi olan digər bir üzvünü də görərdik. Çünki gənclərimizin çoxalması, bu sahədə inkişafı bizim üçün bir nömrəli məsələdir. Biz bu sahədə görülən işlər barəsində hər gün öz qarşımızda hesabat veririk.
Bir daha Azərbaycan parlamentinə təşəkkürümü bildirirəm. Çünki uşaq məsələsi sahəsində mənim ilk çıxışım 1990-cı illərin əvvəlində Hadi müəllimin rəhbərlik etdiyi komissiyanın dəvəti ilə ekspert qismində olmuşdu. Çox sevinirəm ki, o zaman uşaq hüquqları haqqında qanuna qarşı çox ciddi təzyiqlər olmasına baxmayaraq, bu gün ölkənin ən yüksək kürsüsündən uşaq problemləri bu səviyyədə müzakirə olunur və hörmətli spiker də iclasımıza rəhbərlik edir. Bir daha hamınıza təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Gülər xanım. Arzun qarşına çıxıb. Görürsən, 1990-cı ildə başlamısan, indi burada danışırsan. Söz verilir Milli Məclisin deputatı Qənirə Paşayevaya.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri!  Mən də ilk növbədə  bütün qonaqları salamlayıram. Xüsusilə bizim bu gün önəmli qonaqlarımız var. Onlar Azərbaycanın gələcəyi olan uşaqlarımızdır. Mən onların hamısını burada salamlayır, çoxlu-çoxlu uğurlar arzulayıram. Burada bizim millət vəkili olan həmkarlarımız çox yüksək səviyyədə, dövlət səviyyəsində, qanunvericilik orqanı səviyyəsində uşaq hüquqlarının qorunması ilə, xüsusi qayğıya ehtiyacı olan uşaq qrupları ilə bağlı görülən işlər haqqında məlumat verdilər.
Bu işdə dövlət, hökumət və qanunverici orqanla yanaşı, qeyri-hökumət təşkilatlarının, sivil toplumun, vətəndaş cəmiyyətinin nə qədər böyük rol oynadığını göstərməliyik. Bunu biz Azərbaycanın birinci xanımı, həmkarımız Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və mənim də təmsilçisi olduğum Heydər Əliyev Fondunun gördüyü işlərin timsalında daha aydın görə bilərik. Yəni qısa zaman ərzində uşaq hüquqları ilə bağlı, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı nə qədər böyük işlər görüldüyündən danışmaq istərdim. Çünki Mehriban xanım  ilk növbədə uşaq hüquqları ilə bağlı,  xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı harada problemlərin olduğunu çox aydın şəkildə təsbit etdikdən sonra bu layihələr həyata keçirilib və çox uğurlu nəticələr əldə olunub.
Uşaqlar üçün ən böyük məsələlərdən biri yaxşı təhsil almaq hüququdur ki, uşaqların yaxşı təhsil  almaq hüququnun təmin edilməsi istiqamətində şəxsən Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 yeni məktəb binası tikilib istifadəyə verilib. Yəqin, bu rəqəmin nə demək olduğunu bizim xarici qonaqlarımız da çox yaxşı bilir. Belə ki, çox ağır vəziyyətdə olan həmin məktəblərdə uşaqların yaxşı təhsil almaq imkanları yox idi. İndi onların yerini ən yüksək standartlara malik məktəb binaları tutur. Bu da öz növbəsində minlərlə yox, on minlərlə uşağın yaxşı təhsil almaq hüququnun reallaşmasına imkan yaradır.
Bu gün Azərbaycanda uşaq hüquqları sahəsində ən ciddi problemlərdən biri də valideyn himayəsindən məhrum olan uşaqlarla bağlıdır. Mehriban xanım həmişə vurğulayır ki, bu problem bizi xüsusilə narahat etməlidir, çünki iyirmi mindən artıq uşaq valideyn himayəsindən məhrumdur. Onların   cəmiyyət üçün  normal səviyyədə böyüməsi üçün 31 uşaq evi və internat məktəbi ən yüksək səviyyədə təmir edilib, yenidən qurulub, bərpa edilib. Burada uşaqlar üçün normal şərait yaradılıb. Lakin Mehriban xanım həmişə  xüsusi vurğulayır ki, ən yaxşı uşaq evi belə uşaqlar üçün ailə qayğısını əvəz edə bilməz. Biz həm hökumət olaraq, həm parlament olaraq, həm də qeyri-hökumət təşkilatları olaraq uşaq evlərinə verilən uşaqların sayının azaldılması, uşaq evlərindən ailələrə köçürülməsi sahəsində işlərimizi sürətləndirməliyik. Çünki bu çox önəmli bir məsələdir. Mən inanıram ki, biz gələcəkdə bu istiqamətdə fəaliyyətimizi dövlət orqanı olaraq, qeyri-hökumət təşkilatları olaraq daha da artıracağıq.
Bu gün uşaq hüquqları sahəsində bizim ən böyük problemlərimizdən biri uşaq evində böyüyən minlərlə uşağın 18 yaşına çatandan sonra haraya getməsi ilə bağlıdır. Yəni onlar uşaq evlərindən, internat məktəblərindən getmək məcburiyyətindədirlər. Amma hara üz tutacaqları çox ciddi məsələdir. Mehriban xanımın rəhbərlik etdiyi fond artıq nümunə göstərərək 1 saylı uşaq evinin nəzdində 50 mənzilli yaşayış binası, habelə bir sıra regionda yataqxanalar istifadəyə verib. İnanırıq ki, həmin uşaqların gələcəyi ilə bağlı proqramlar, işlər daha da sürətlənəcək. Eyni zamanda, fond 11 uşaq bağçasını yüksək səviyyədə təmir-bərpa edərək orada çox yüksək səviyyədə  şəraitin yaradılmasına nail olub.
Bundan başqa, uşaq hüquqları ilə bağlı ən ciddi məsələlərdən biri də  fiziki qüsurlu uşaqların digər uşaqlarla bərabər təhsil almasına imkan yaradılması ilə bağlıdır. Artıq Mehriban xanımın təşəbbüsü ilə fond kor və görmə qabiliyyəti zəif olan uşaqlarla bağlı çox böyük işlər görüb. Həmin uşaqların normal təhsil alması, gələcəkdə cəmiyyətə inteqrasiya etməsi üçün imkan yaradılması istiqamətində layihələr həyata keçirib. Biz inanırıq ki, bu istiqamətdə layihələr daha da artacaq.
Eyni zamanda, bizi narahat edən məsələlərdən biri də diabetli uşaqların sayının artması ilə bağlıdır. Bu həm də bütün dünyanı narahat edən məsələlərdən biridir. Diabetli uşaqlara qayğı göstərilməsi, onların hüquqlarının təmin edilməsi istiqamətində, təbii ki, dövlət proqramları  həyata keçirilir, qanunverici orqanda müəyyən məsələlər öz həllini tapıb.
Eyni zamanda, mən fondun bu sahədə gördüyü başqa bir işi də vurğulamaq istəyirəm. Belə ki, 2004-cü ildən diabetli uşaqlara ən yüksək səviyyədə qayğı  göstərmək üçün qeydiyyatda olan 14 yaşınadək uşaqlar müntəzəm olaraq insulin və şprislə təmin edilir. Bu da həmin uşaqlar üçün ən vacib məsələlərdən biridir.
Bundan başqa, bizi narahat edən məqamlardan biri ölkədə talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlarımızın problemləri və onların sayının artması ilə bağlıdır. Onlar üçün fondun rəhbərinin təşəbbüsü və təşkilatçılığı ilə mərkəz qurulub. Bu mərkəz təkcə talassemiyadan əziyyət çəkən uşaqlarla məşğul olmayacaq. Mehriban xanım dəfələrlə vurğulayıb ki, bizim üçün ən vacibi talassemiyadan əziyyət çəkən uşaqların say artımının qarşısının alınmasıdır. Burada önəmli rol oynayan bir amil var ki, hamımız bunu dəfələrlə vurğulamışıq. Bunlardan biri də irsi qan xəstəliklərindən əziyyət  çəkən və qohum nikahlardan doğulan uşaqların problemləri ilə əlaqədardır.
Bundan başqa, fondun təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib. Çoxlu sayda tibb ocaqları, uşaq müalicə-profilaktika mərkəzlərinin yenidən qurulması, müasir avadanlıqlarla təchizatı həyata keçirilib. Nərimanov rayonunda Uşaq Psixoloji-Nevroloji Mərkəzi, Şüvəlanda uşaqlar üçün “Təbəssüm” Qastroentoloji Reabilitasiya Mərkəzi yenidən qurulub, müasir avadanlıqlarla təmin olunub. Bütün bunlar, sadəcə, qısa zaman ərzində  həyata keçirilən işlərdir.
Burada beynəlxalq təşkilatların nümayəndələrinin, rəhbərlərinin və səfirlərin də iştirakını nəzərə alaraq bir məsələni də deməliyik. Bu gün Azərbaycanda on minlərlə uşaqların hüquqlarının pozulmasının səbəbkarı  Ermənistan dövlətidir. Ermənistan dövlətinin işğalçı siyasətinin davam etməsi nəticəsində bu gün bizim on minlərlə uşaqlarımızın hüquqları tapdalanmaqda davam edir. Amma çox təəssüf ki, beynəlxalq təşkilatların etiraz səslərini eşitmirik. Bu məsələnin beynəlxalq aləmdə gündəmə gətirilməsi istiqamətində onların çox böyük faydası ola bilər. Bir çox beynəlxalq qeyri-hökumət təşkilatları buradadır. Onlar məsələ qaldırsın ki,  on minlərlə uşaq 15 ildən artıqdır, qaçqın, koçkün ailələrində böyüyür. Onların bu problemləri diqqətə çatdırılmalıdır. Dünyada bunun analoqu yoxdur. Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkün uşaqların  təhsili və sağlamlığı istiqamətində çoxlu layihələri həyata keçirilir. Həm psixoloji, həm də mənəvi travma alan bu uşaqlarımızın problemlərinin həlli istiqamətində çoxlu işlər görülür.
Mənim saydıqlarım Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi  Heydər Əliyev Fondunun gördüyü işlərin qısa bir hissəsi idi. Bu isə göstərir ki,  vətəndaş cəmiyyəti uşaq hüquqlarının müdafiəsi istiqamətində böyük işlər görə bilər. Mən inanıram ki, fondun başladığı bu işlərdən digər qeyri-hökumət təşkilatlarımız da nümunə götürəcək, fəaliyyətini genişləndirəcək. Çünki bizim uşaq hüquqlarının qorunması sahəsində, o cümlədən erkən nikahlarla, küçə uşaqlarının problemləri ilə, habelə uşaq ölümünün sayının  həlli istiqamətində də o problemlərin azaldılması ilə bağlı qeyri-hökumət təşkilatlarının daha sürətli fəaliyyət göstərməsinə ehtiyac var. Mən inanıram ki, onlar Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü  işlərdən nümunə götürərək öz fəaliyyətlərini bu istiqamətlərdə daha da sürətləndirəcəklər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Qənirə xanım. Amma reqlamenti çox keçdiniz, xahiş edirəm, reqlamentə fikir verin. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr! Hörmətli millət vəkilləri, əziz uşaqlar, dəvət olunmuş qonaqlar! Şübhəsiz, bugünkü xüsusi iclasın uşaqlara həsr olunması təqdirəlayiq bir haldır və mən də hesab edirəm ki, uşaqların  yaddaşında önəmli hadisələrdən biri kimi qalacaqdır. Cənab Sədr, əlbəttə, qısa danışmağa çalışacağam. Çünki məndən əvvəl danışan hörmətli natiqlər kifayət qədər ətraflı məlumat verdilər.
Əslinə baxanda bugünkü xüsusi iclas həm də hesabat üçün bir fürsətdir və təqdim olunan təqdimatlarda da bunu gördük. Burada xüsusilə dövlət qurumları tərəfindən həyata keçirilən işlər barədə fikirlər səsləndirildi. Dövlətin həyata keçirdiyi xüsusi proqramlar qeyd olundu, xüsusilə Heydər Əliyev Fondu və onun rəhbəri hörmətli Mehriban xanım Əliyeva tərəfindən görülən işlər burada sadalandı. Hesab edirəm ki, bunlar hamısı kifayət qədər təqdirəlayiq hallardır və eyni zamanda, Azərbaycan dövlətinin, Azərbaycan ictimaiyyətinin bu problemə ciddi yanaşmasını və münasibətini əks etdirir. Gəlin, onu da etiraf edək ki, bu problemin, ümumiyyətlə, hər hansı bir məsələnin həllində dövlət qurumu tək deyil və bu işi dəstəkləmək üçün vətəndaş cəmiyyəti təsisatlarına böyük ehtiyac var. Mən də fürsətdən istifadə edib,  məhz bu barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bəri başdan deyim ki, mən Prezident yanında  QHT –lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi olaraq bir sıra məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Əlbəttə, bu gün bu qayğı bir neçə formada təzahür edir. Bunlardan birincisi uşaq təşkilatları ilə bağlı dövlətin yaratdığı şəraitdir. Mən məlumat üçün onu deyim ki, bütövlükdə Azərbaycanda 300-ə yaxın uşaq və gənclər problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatı var. 80-dən çox təşkilat isə məhz uşaq məsələləri üzrə ixtisaslaşıb və bunların sayı gündən-günə artmaqdadır. Hesab edirəm ki, dövlət də bununla bağlı müvafiq şərait yaradır. Təmsil etdiyim şuranın işinə gəlincə, onu deməliyəm ki, təkcə 2008–2009-cu illərdə şura  uşaq məsələləri ilə bağlı 42 layihəni dəstəkləyib. Məncə, bu da təsadüf deyil. Ona görə ki, 2009-cu il cənab Prezident tərəfindən Uşaq ili elan olunmuşdur. Təbii ki, biz də bu təşəbbüsə özünəməxsus şəkildə qoşulmağa cəhd etdik və demək olar ki, daxil olan əksər təşəbbüsləri dəstəkləməyə çalışdıq.
Bilirsiniz ki, uşaq təşkilatları, ümumiyyətlə, qeyri-hökumət təşkilatları, əsasən, Bakıda fəaliyyət göstərirlər, regionlarda onların sayı o qədər çox deyil. Buna baxmayaraq, biz həmin 43 təşkilat arasından 11-ni regionlardan seçə bildik, 31-i isə Bakıda fəaliyyət göstərən qeyri-hökumət təşkilatı oldu. Bütövlükdə həmin təşkilatlar  36 min 600 manat vəsait aldılar və bu, dövlət büdcəsindən ayrılan vəsaitdir. Bu da bütövlükdə maliyyə baxımından şuranın həyata keçirdiyi layihələrin beşdə bir hissəsini əhatə edir. Bu tədbirlərlə, görülən işlərlə bağlı bütün detalları sadalayıb diqqətinizi və vaxtımızı almaq istəməzdim. Amma bir neçə statistik rəqəmi burada qeyd etməklə fikrimi yekunlaşdırmaq istəyirəm.
Bugünkü tədbirimizdə diplomatik korpusun nümayəndələri iştirak edirlər. Düşünürəm ki, onlar üçün də bu rəqəmlər maraqlı olar. İl ərzində QHT sektoru tərəfindən, daha doğrusu, Şuranın dəstəklədiyi qeyri-hökumət təşkilatları tərəfindən 109 tədbir həyata keçirilmişdir. Uşaq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarını artırmaq məqsədi ilə onlara təxminən 172 təlim proqramı təqdim olunmuşdur. Uşaq məsələlərinə həsr olunmuş və uşaqlar üçün nəzərdə tutulan 31 adda müxtəlif nəşrlər çap edilmişdir. Uşaq məsələləri ilə əlaqədar üç sayt hazırlanmış və  istifadəyə verilmişdir. Bütövlükdə isə həyata keçirilən layihələr 11 min 355 nəfər uşağı əhatə etmişdir ki, bunların da 1500-ü müharibədən zərər çəkən insanlardır.
Mən o fikrə də qoşuluram ki, bu gün uşaqların  böyük bir hissəsi məhz müharibədən zərər çəkiblər, doğma yuvalarından, evlərindən məhrum olublar. Təbii ki, bu məsələ təkcə ölkə ictimaiyyətini yox, bütövlükdə beynəlxalq ictimaiyyətin də diqqətində olmalıdır. Ona görə də biz çalışırıq ki, müharibədən zərər çəkən uşaqlara xüsusi diqqət verək. Bütövlükdə isə bu layihələrdən 35 min nəfər faydalanmışdır.
Bu gün burada bir məsələ də qeyd olundu. Təkrarçılığa yol verməmək üçün bunun üstündə xüsusi dayanmadım. Kəsəsi, bu gün ən önəmli məsələlərdən biri də ondan ibarətdir ki, bu sahədə həm dövlət qurumları, həm yerli milli qeyri-hökumət təşkilatları, həm də beynəlxalq qurumlar çox ciddi əməkdaşlıq edirlər. Məncə, bu əməkdaşlıq davam etdirilməlidir. Düşünürəm ki, sonrakı illərdə daha geniş əməkdaşlığın konkret nəticələrinin şahidi olacağıq.  Oqtay müəllim, mən bir daha Sizə təşəkkür edirəm ki, bugünkü iclası məhz uşaqlara həsr etdiniz. Hesab edirəm ki, bu da bütövlükdə Azərbaycan dövlətinin və qanunverici orqanın bu məsələyə verdiyi diqqət və önəmdən qaynaqlanır. Uşaqları isə təbrik edirəm. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. İndi isə söz verilir İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovaya.
R.Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli qonaqlar, hörmətli millət vəkilləri və bu gün arxada əyləşən və çox güman ki, az vaxtdan sonra bizim yerimizi tuta biləcək gənclər! Mən çox istərdim ki, bu gün bizim gəncliyimizin bugünkü durumundan və sabahından danışım. 1989-cu ildə bu konvensiya qəbul olundu. Bu konvensiya haqqında və onun müddəaları haqqında hamı danışdı. Amma gəlin, fikirləşək, nəyə görə məhz 1989-cu ildə bu konvensiya qəbul olundu? Ondan əvvəl 1948-ci ildə İnsan hüquqları Bəyannaməsi, sonra Avropa Konvensiyası, Mülki və Siyasi hüquqlar haqqında Konvensiya qəbul edilmişdi.
Nəyə görə məhz 1989-cu ildə bu konvensiya qəbul edildi? Konvensiyanın qəbul edilməsinin əsas səbəbi ondan ibarət idi ki, həmin dövrdə yaşayan zəka sahibləri, dövlətlər, hökumətlər çox gözəl anlayırdılar ki, XXI əsr XX əsrdən daha çətin, daha mürəkkəb əsr olacaq. Bu gün yaşadığımız XXI əsr humanitar və sosial sahələrin, innovasiyanın, informasiyanın sintezi olan bir əsrdir, mürəkkəb bir zamandır. Bu dövrdə yaşayacaq insanların taleyini hələ o zaman düşünmüşdülər. 20 il bundan əvvəl onlar anlayırdılar ki, bəşəriyyətin sabahı üçün məsuliyyət hissi yaşayan gəncləri tərbiyə etmək lazımdır. Çünki bəşəriyyəti daha ciddi ziddiyyətlər gözləyəcək və zamanla düşüncə tərzi arasında olan əbədi ziddiyyət daha da artacaq. Həmin dövrdən bugünkü günə qədər 193 dövlətin bu konvensiyaya qoşulması, onu imzalaması göstərdi ki, bəşəriyyət sabahına o qədər də laqeyd deyil. Azərbaycan dövləti də həmçinin.
Azərbaycan dövlətinin bu konvensiyaya qoşulduqdan sonra gördüyü işlər haqqında hörmətli həmkarlarım danışdılar. Bundan sonra da müəyyən işlər görüləcək. Ən əsas odur ki, siyasi iradə var, gözəl hüquqi baza var, insanların istəyi var və ən başlıcası, bu gün burada oturan gənclərin, Azərbaycan gəncliyini təmsil edən gənclərin yüksək məsuliyyət hissi var.
Hörmətli həmkarlarım, bu gün bizim dövlətimizin ali prinsipi məsuliyyətli dövlət və məsuliyyətli vətəndaş prinsipidir. Bu, sosial dövlətin ali devizidir və bu gün bu gənclər görəndə ki, onların sabahı üçün hər şeyə hazır olan dövlətimiz var, onlarda həmin məsuliyyət hissi artacaq və onlar sabaha daha bilikli bir gənc kimi qədəm qoyacaqlar.
Biz informasiyalı cəmiyyətdən danışırıq. Deyirik ki, biz informasiyalı cəmiyyətdəyik. Amma 2006-cı ildə YUNESKO artıq yeni bir keçid mərhələsinə keçdiyimizdən xəbər verdi. Bir neçə gün bundan öncə Bakı Dövlət Universitetinin 90 illiyinə həsr olunmuş tədbirdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dedi ki, biz yeni bir keçid dövrünə keçirik. Bu hansı keçid dövrüdür?  Bilik cəmiyyətinə doğru, yəni informasiyalı cəmiyyətdən yeni tipli cəmiyyətə, bilik cəmiyyətinə keçməyə doğru gedirik. Bunu məhz arxada əyləşən və Azərbaycan gəncliyini təmsil edən insanlar həyata keçirəcəklər. Bu gün onlar anlamalıdırlar ki, məhz Azərbaycanı dünyada təmsil etmək üçün, Azərbaycan iqtisadiyyatını yüksəltmək üçün, Azərbaycanın varlığını qorumaq üçün onların üzərinə çox böyük məsuliyyət düşür.
Ən əsası odur ki, həmin gənclər müstəqil dövlətin vətəndaşı olduqlarını anlayırlar. Onlar anlayırlar ki, gənclər üçün bu dövlət hər şeyi edib. Ancaq onu da bilirlər ki, hər şeyi ona yaşlı nəsil, əvvəlki nəsil etməməlidir. Əgər onlar bu gün bizə böyük bir heyranlıq hissi ilə baxırlarsa, böyük ulu öndərimizin gördüyü işlərlə fəxr edirlərsə, eyni zamanda, anlamalıdırlar ki, 20 il sonra onlardan da belə bir hesabat tələb edən insanlar olacaq, parlament olacaq. Bu gün parlament həmin insanlar qarşısında hesabat verirdi. Yəni bir-birimiz qarşısında və yaxud beynəlxalq qurumlar qarşısında yox. Onlar anlamalıdırlar ki, 20 il sonra həmin hesabat olacaq. Onda həmin gənclər üzüağ deməlidirlər ki, biz Azərbaycanın sabahı üçün məsuliyyət daşıdıq, biz bu işləri gördük. Biz xalqın, dövlətin, millətin etimadını doğrultduq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Sonuncu çıxış üçün söz verək Məlahət İbrahimqızına. Buyurun.
M.İbrahimqızı.  Oqtay müəllim, mənə söz verdiyinizə görə çox sağ olun. Sizə həm də ona görə  dərin minnətdarlığımı bildirirəm ki,  özünüzün dediyiniz kimi, Azərbaycan ailəsində, Azərbaycan cəmiyyətində uşağa sevgi, uşağa məhəbbət bizim milli təfəkkürümüzün məhsuludur. Həqiqətən də, Azərbaycan ailəsinin əsl mənası, əsl fəlsəfəsi həmin ailənin uşağı ilə birgə onun bütöv görünməsi ilə izah olunur. Bu gün Azərbaycanda uşaq hüquqları ilə bağlı çox böyük işlər görülübdür.
1993-cü ildən bu günə qədər nəzər salsaq, bunu nəinki 5 dəqiqə ərzində, hətta bir neçə silsilə iclaslar çərçivəsində də deməklə qurtarmaz. Son illəri xüsusi qeyd etmək istəyirəm. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə, eləcə də Heydər Əliyev Fondunun Azərbaycanda təkcə uşaq problemləri ilə bağlı gördüyü işlərin sədası nəinki Azərbaycan ərazisində, hətta Azərbaycan ərazisindən çox-çox uzaqlardan gəlir. Necə deyərlər, uşağa diqqətin, uşağa sevginin səsi Pakistandan, şərqdən, qərbdən, cənubdan, şimaldan gəlir. Mən hesab edirəm ki, bu gün, həqiqətən də, Azərbaycanın istənilən regionunda bir uşağın əhval-ruhiyyəsi, onun səhhəti ilə bağlı  ölkəmizin rəhbərinin, eləcə də Heydər Əliyev Fondunun məlumatı olur.
Oqtay müəllim, mən fürsətdən istifadə edib, Sizə bir də minnətdarlıq etmək istərdim ki, 2006-cı ildə Azərbaycanda ilk dəfə məktəbli uşaq parlamentinin yaranmasına böyük qatqı verdiniz. Mən burada çox danışmaq istəmirəm, mənim həmkarlarım çox ətraflı danışdılar.
Mən bir vacib məsələni demək istəyirəm ki,  həm Uşaq hüquqları haqqında Konvensiyanın 20 illiyi, həm də ölkəmizdə belə bir mötəbər və müqəddəs Uşaq ilinin elan olunması ilə əlaqədar qanunvericilikdə çox vacib düzəlişlərin olunmasına ehtiyac var. Bayaq hörmətli Əli Hüseynov,  eləcə də bir sıra həmkarlarım bunu dedilər. Mən xüsusi vurğulamaq istəyirəm ki, bizim qəbul etdiyimiz “Uşaq hüquqları haqqında” Qanunda uşaq yaşının son həddi kimi 18 yaş qeyd olunur. Amma onun ilk həddi, sadəcə olaraq, doğulandan qeyd olunur. Lakin burada hansı meyarın əsas götürüldüyü qeyri-məlumdur. Mətbuatdan hər biriniz bilirsiniz ki, artıq sovet standartları çoxdan dağılmışdır. Hətta SSRİ dövründə istifadə olunan standartlara görə uşaq 28 həftəliyindən sonra canlı vətəndaş hesab olunurdu. Yəni 1000 qramdan yuxarı çəkisi olan uşaq artıq uşaq sayılırdı. Bu meyar artıq dünyanın bütün ölkələrində, hətta Asiyada belə aradan çıxıb. SSRİ-dən miras qalmış həmin meyar heç Rusiyanın özündə də  istifadə edilmir. İstər qonşu Gürcüstan olsun, istər Orta Asiya, istərsə də Baltikyanı dövlətlər. Avropada isə çoxdan Ümumdünya Səhiyyə Təşkilatının standartlarına keçilibdir.
Gələn il minilliyin inkişaf sammitinin 10 illiyidir və qəbul olunmuş səkkiz strategiyanın biri uşaq ölümü ilə bağlıdır. Mənim hörmətli həmkarım Gülər Əhmədova da qeyd etdi ki, uşaq ölümünün qarşısının alınması dövlətimizin qarşısında duran çox mühüm vəzifələrdən biridir. Möhtərəm Prezidentimiz son illərdə səhiyyə mərkəzlərinin açılışında, eləcə də seçkiqabağı platformasında bunu xüsusi vurğulayırdı. Bu yaxınlarda Qusarda çıxış edərkən o, ana və uşaq ölümünün qarşısının alınması ilə bağlı gördüyümüz və gələcəkdə görəcəyimiz işlərdən bəhs etdi. Mən ona görə Sizdən xahiş edərdim ki, “Uşaq hüquqları haqqında” Qanunda yeni meyarların tənzimlənməsinə fikir verəsiniz. Yəni dünyada, eləcə də bu gün bizim keçmiş SSRİ respublikalarında artıq 28 həftə deyil, 22 həftədən, yəni 500 qramdan yuxarı doğulan diri uşaq artıq uşaq sayılır. Çox gözəl bilirsiniz ki, bizim Mülki Məcəllədə də bu məsələ var. Yəni ana bətninə düşən dölün artıq hüquqları var. Eyni zamanda, “Əhalinin sağlamlığı haqqında” Qanunda da bu məsələ öz əksini tapıbdır. Sadəcə, hesab edirəm ki, “Uşaq hüquqları haqqında” Qanunda da uşaq yaşının aşağı həddi müəyyənləşdirilsin, bu meyarlar yenidən təsbit olunsun. Hesab edirəm ki, belə olarsa, uşaqlara qayğı, uşaq hüquqlarının qorunması məsələsi qanunvericilikdə daha yüksək səviyyədə öz əksini tapmış olardı.  Oqtay müəllim, Sizə bir daha minnətdaram və burada iştirak edən bütün uşaqların simasında Azərbaycanın balalarını təbrik etmək istərdim. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Məlahət xanım, Siz dediyiniz məsələlərə bu yaxınlarda bizim komissiyamızda baxılacaq. Təkliflərinizi verin, bir yerdə baxarıq.
Hörmətli millət vəkilləri, hörmətli qonaqlar, hörmətli uşaqlar! Bu müzakirələrdə iştirak etdiyinizə görə mən sizin hamınıza təşəkkür edirəm.  Hesab edirəm ki, gözəl təhlillər apardıq. İnanıram ki, Azərbaycan uşaqlarının, Azərbaycan gənclərinin gələcəyi parlaqdır və bizim dövlətimiz, bizim xalqımız buna layiqdir. Çox sağ olun.
İndi Azərbaycan parlamenti tərəfindən hazırlanmış Azərbaycan qanunvericiliyində uşaq hüquqları haqqında kitabın təqdimat mərasimi olacaq  və sizin  hamınızı həmin tədbirdə iştiraka dəvət edirik.

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi