2009-ci il 29 dekabr tarixli iclasın stenoqramı

MİLLİ  MƏCLİSİN  İCLASI

29 dekabr  2009-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat       (saat 12.04 dəq.)
İştirak edir                 94
Yetərsay                    83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Bildiyiniz kimi, gündəliyə bir əlavəmiz var. “Azərbaycan Respublikası vergi orqanlarının 10 illiyi (2000−2010)” Azərbaycan Respublikasının yubiley medalının, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” və “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medallarının təsis edilməsi barədə qanun layihəsi gündəliyə əlavə edilib. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri        (saat 12.05 dəq.)
Lehinə                                           97
Əleyhinə                                         2
Bitərəf                                             0
Səs vermədi                                  0   
İştirak edir                                     99  
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəliyə əlavə təsdiq olundu.
Gündəliyin növbəti məsələsi “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə qanun layihəsi haqqındadır. Buyurun, Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli Milli Məclisin əməkdaşları, media nümayəndələri! Fürsətdən istifadə edib, hamınızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm!
Bu ilin iyul ayında “Bələdiyyələrin statusu haqqında” Qanuna düzəliş nəzərdə tutulub. Həmin düzəlişə görə Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi məsələsi Milli Məclisə həvalə edilib. Müzakirənizə təqdim edilən qanun layihəsi həmin məsələnin reallaşdırılmasına yönəldilib.
Bələdiyyələrin Dövlət reyestrinin aparılması, əsasən, iki mühüm məsələni əhatə edir. Birinci məsələ ondan ibarətdir ki, bələdiyyələr haqqında məlumat bazası yaradılır və həmin məlumat bazasına əsaslanaraq 10 ildən çox fəaliyyət göstərən bələdiyyələrə şəhadətnamə verilir. İkinci məsələ birinci məsələdən törəmə olsa da, mahiyyətcə ondan heç də kiçik deyil. Belə ki, bələdiyyələrin hamısına dəqiq tutulmuş xəritə veriləcək və həmin xəritədə onların ərazisi, səlahiyyəti olduqları ərazi, habelə mülkiyyətində olan torpaqlar və mülkiyyət formaları göstəriləcəkdir. Bu çox mürəkkəb məsələ olduğu üçün onun müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış xüsusi proqram əsasında həyata keçirilməsi nəzərdə tutulur. Biz bir sözlə, sadəcə, xəritə deyirik, ancaq bu xəritənin üzərində, dediyim kimi, mülkiyyət formasından asılı olaraq, torpaqlar, su anbarları, çaylar, kanallar, su kollektorları, neft və qaz kəmərləri, dəmir yolu stansiyaları, poçt binaları və digər mühüm obyektlər qeyd olunacaq.
Müzakirənizə təqdim olunmuş Əsasnamə bələdiyyələrin Dövlət reyestrinin aparılmasını, yaradılmasını və onlara şəhadətnamənin verilməsini özündə ehtiva edir. Burada bələdiyyələrin sənədlərinin Milli Məclisə təqdim edilməsi, habelə xəritənin hazırlanması qaydaları nəzərdə tutulur. Həmin xəritənin həm kağız üzərində çəkilməsi, həm də elektron versiyasının hazırlanması təklif olunur. Üstəlik, xəritənin elektron versiyası Milli Məclisin internet saytında yerləşdiriləcək və beş ildən bir Milli Məclis tərəfindən bələdiyyələrin siyahısı xüsusi kitabça formasında nəşr ediləcəkdir. Burada bələdiyyələrin statusu ilə bağlı dəyişikliklər öz əksini tapacaqdır.
Digər əlamətdar məsələ ondan ibarətdir ki, sənədlərin yığılması bələdiyyələrə yox, Milli Məclisə həvalə olunur. Həmin sənədlər bilavasitə Milli Məclisə təqdim olunacaq və Milli Məclis vasitəsilə bələdiyyələrə şəhadətnamələr veriləcəkdir. Məsələ, əsasən, bundan ibarətdir. Sual olsa, cavab verməyə hazıram. Yalnız onu demək istəyirəm ki, sizə verilən variantdan sonra layihə üzərində müəyyən iş aparılıb və redaksiya xarakterli bir neçə düzəliş verilib. Layihənin müddəalarına, mahiyyətinə, məzmununa xələl gətirmədən lakonikliyini və oxunaqlılığını yaxşılaşdırmaq məqsədi ilə edilən düzəlişlərdir. Regional məsələlər komitəsi hesab edir ki, bələdiyyələrin Dövlət reyestrinin yaradılması və şəhadətnamələrin verilməsi bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılmasında əsas amillərdən biri olacaqdır. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çıxışa 15 nəfər yazılıb. Təkid eləyənlər varsa, xahiş edirəm, buyursunlar. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, hörmətli Sədr. Məni maraqlandıran bir-iki məsələ var. Həm sual vermək, həm də çıxış etmək istəyirdim. Burada göstərilir ki, bələdiyyələrə şəhadətnamənin verilməsi Milli Məclisin müvafiq strukturuna aid edilir. Milli Məclisin hansısa bir bölməsi bu qədər bələdiyyəyə şəhadətnamənin verilməsini necə həyata keçirəcək? Adətən, biz bələdiyyələrin Dövlət reyestrinin aparılması ilə bağlı məsələlərə baxanda “müvafiq icra hakimiyyəti” yazırıq. Onda əlavə strukturlar yaradılacaqmı?  Çünki bu  çox geniş bir işdir və bu işi iki-üç nəfərə tapşırmaq süründürməçiliyə gətirib çıxara bilər. Beləcə, bələdiyyələr şəhadətnaməni almaq üçün aylarla gözləyə bilərlər. Ona görə də birinci növbədə bu məsələni həll etmək vacibdir.
İkincisi, hesab edirəm ki, Dövlət reyestrinin aparılmasında anlaşılmaz bir ifadə işlənir. Məncə, onun izahını vermək lazımdır. Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi Milli Məclis Aparatının müvafiq struktur bölməsi tərəfindən həyata keçirilir. Bu necə başa düşülür? Yaxud yazılır ki, şəhadətnamə həmin struktur tərəfindən verilir. Hesab edirəm ki, qanun layihəsində anlaşılmaz müddəa var.
Hesab edirəm ki, şəhadətnamənin verilməsi ilə yanaşı, bələdiyyələrin  Milli Məclisə hesabat verməsi ilə bağlı Konstitusiyada dəyişiklik etməliyik. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi məsələsi üzərinə bir daha qayıtmalıyıq. Təsəvvür edin ki, indiyə qədər yüzlərcə torpaq məsələsi mübahisəlidir. Bələdiyyələr müxtəlif orqanların arasında qalıblar. Nə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sənəd verir, nə də bələdiyyələr sənəd verə bilir. Axı, vətəndaşın problemi həll olunmalıdır. Vətəndaş illərlə gözləməməlidir ki, bir müəyyənlik yaransın, kimsə hərrac keçirsin. Onun mülkiyyət hüququ pozulur, həyat tərzini yaxşılaşdırmaq imkanları məhdudlaşdırılır. Ona görə də, məncə, bu məsələləri, heç olmasa, gələn sessiyada Arif müəllim nəzərə almalıdır.
Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına, ikili səlahiyyətlərin bölgüsü məsələsinə bir daha baxmalıyıq ki, yeni formalaşan bələdiyyələr bu istiqamətdə vətəndaşa xidmət göstərə bilsinlər, heç olmasa, torpağa sənəd verə bilsinlər. Hər halda mən Milli Məclisdə struktur bölməsinin necə olacağına aydınlıq gətirilməsini istəyirəm. Bələdiyyələr bu məsələni bilsinlər ki, sabah süründürməçiliklə üz-üzə qalmasınlar.
Sədrlik edən. Bir məsələni deyim ki, indiyə kimi Milli Məclisdə İnzibati ərazi bölgüləri vahidlərinin dövlət reyestri sektoru var idi. Hələ indiyə kimi bir dəfə də süründürməçilik söhbəti olmayıb. İşə başlamadan şübhə ilə yanaşırıq ki, burada süründürməçilik olacaq. Birincisi, həmin sektor böyüyüb şöbə olacaq. Məncə, süründürməçilik olmayacaq. Başqa sual yoxdur ki? Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, Oqtay müəllim. Mənim söz almaqda məqsədim Fazil müəllimin qaldırdığı məsələ ilə bağlıdır. Belə ki, 2009-cu il avqustun 27-də bu məsələ ilə bağlı Prezidentin fərmanı var. Həmin fərmanın məzmunundan çıxış edərək bu işin Milli Məclisdə keyfiyyətlə və yüksək səviyyədə həll edilməsini, habelə Milli Məclisə zəruri vəsaitin ayrılmasını Oqtay müəllim dedi. Məncə, həmin strukturun möhkəmləndirilməsi Fazil müəllim tərəfindən qaldırılan problemi həll edə bilər. Mən buna görə söz almışdım.
Sədrlik edən. Təkid edən yoxdur ki?  Pənah Hüseyn təkid edir. Buyurun.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Hesab edirəm ki, son iki il ərzində, yəni bələdiyyələr birləşdirilməmişdən əvvəl bələdiyyələrə elektron xəritəsinin verilməsi ilə bağlı müraciətlər olurdu. Həqiqətən, bu işin sürətlə aparılması üçün müvafiq icra hakimiyyəti orqanlarına, əgər bu iş Milli Məclisdə aparılacaqsa, ona yardım göstərilməsi, birgə əməkdaşlıq edilməsi barədə müvafiq məcburedici və yaxud müəyyənedici normanın olması lazımdır.
Sonra, hörmətli Milli Məclis, hörmətli Milli Məclisin sədarəti, mənim söz almağımın əsas səbəbi odur ki, bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı xeyli şikayət toplanmışdır. Mərkəzi Seçki Komissiyası da bir növ bizim Milli Məclis tərəfindən təşkil olunan təsisatdır, dövlət qurumudur. Bu məntiqdən çıxış edərək çox istərdim ki, Milli Məclisin rəhbərliyi seçkilərin keçirilməsi ilə bağlı ictimaiyyətdəki bu narazılığı və narahatlığı nəzərə alsın, bələdiyyə seçkiləri ilə  bağlı şikayətlərin düzgün araşdırılmasını, onlara düzgün qiymət verilməsini müəyyən etsin. Bizim siyasi mövqeyimiz ondan ibarətdir ki, bu, Azərbaycanın tarixində ən pis təşkil olunmuş seçkidir və seçkilərin yenidən keçirilməsi gündəmə gəlməlidir. Hesab edirəm ki, əvvəl-axır bu istiqamətdə iş aparması bu cür qanunların qəbul edilməsindən daha mühümdür və Milli Məclis də bu məsələyə diqqət yetirməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Bunun üçün Mərkəzi Seçki Komissiyası var və bu məsələni Mərkəzi Seçki Komissiyası araşdırır. İkincisi, Siz hesab edirsiniz ki, bələdiyyə seçkiləri pis keçib. Mən isə hesab edirəm ki, bələdiyyə seçkiləri yüksək səviyyədə keçib. Bu bizim subyektiv fikirlərimizdir. Mərkəzi Seçki Komissiyası var, şikayətləri araşdırıb cavab verəcək. Xahiş edirəm, başqa söz yoxdursa, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri     (saat 12.19 dəq.)
Lehinə                                        105
Əleyhinə                                      0
Bitərəf                                           0
Səs vermədi                                 1   
İştirak edir                                   106  
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsinə keçirik. Əli Hüseynov, buyurun.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Cənab Prezident tərəfindən “Azərbaycan Respublikası vergi orqanlarının 10 illiyi (2000−2010)” Azərbaycan Respublikası yubiley medalının, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” və “Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə” medallarının təsis edilməsi haqqında qanun layihəsi təqdim olunub. Biz bilirik ki, 2000-ci ildə ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılmışdır. Vergilər Nazirliyinin yaradılmasının 10-cu ildönümü ərəfəsində təsadüfi deyildir ki, vergi sisteminin inkişafında  göstərdiyi xidmətlərə görə vergi orqanlarının əməkdaşlarının və digər şəxslərin təltif olunması ilə bağlı təkliflər irəli sürülmüşdür. Məhz bu məsələnin həlli məqsədi ilə cənab Prezident tərəfindən belə bir layihə təqdim olunmuşdur.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, hər il fevral ayının 11-i Prezident İlham Əliyevin 2005-ci il tarixli fərmanı ilə vergi orqanı işçilərinin peşə bayramı kimi təsis olunmuşdur. Millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, bu 10 illik yubiley  medalı, əslində, Vergilər Nazirliyinin təsis olunması ilə bağlıdır. Ona görə də layihədə “Azərbaycan Respublikasının vergi orqanlarının 10 illiyi (2000−2010)” yox, “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 10 illiyi (2000−2010)” Azərbaycan Respublikasının yubiley medalı” kimi qeyd olunmalıdır. Biz bu təklifimizi qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırmışıq. Ona görə də xahiş edirəm ki, bu düzəliş nəzərə alınsın.
Medalların təsis olunması ilə əlaqədar, təbii ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna da əlavələr olacaq. Beləliklə, müstəqil Azərbaycanın orden və medallarının sırasına daha üç medal əlavə olunacaq. Eyni zamanda, qeyd etmək istəyirəm ki, “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalının üç növü təsis olunur. Birinci dərəcəli, ikinci dərəcəli və üçüncü dərəcəli.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qeyd etmək və tam məsuliyyətlə demək istəyirəm ki, təsvirlər sizdə tam rəngli olmasa da, Azərbaycanın bütün dövlət atributlarının, o cümlədən təbii olaraq vergi orqanlarının bir sıra atributlarını da özündə ehtiva edir. Bu baxımdan hesab edirəm ki, qarşıdan gələn növbəti yubiley ərəfəsində belə bir medalın təsis olunması həm müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin davamı kimi qiymətləndiriləcək, həm də vergi orqanlarının əməkdaşlarının təltifi baxımından əhəmiyyətli bir addım olacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. İcazə verin, Sizi, bütün həmkarlarımı, seçicilərimizi, bütövlükdə Azərbaycan ailəsini, başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Azərbaycan Respublikasının birinci xanımı olmaqla, həm Yeni il münasibəti ilə, həm də Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edim!
Oqtay müəllim, təbii ki, mən də möhtərəm Prezidentimizin imzası ilə gələn bu qanun layihəsini dəstəkləyirəm və qabaqcadan Vergilər Nazirliyinin bütün əməkdaşlarını 10 illik yubiley münasibəti ilə təbrik edirəm.
Mən keçən dəfə, yəni ayın 25-də çıxışa yazılmışdım, sadəcə, vaxt çatmadı.
Çox hörmətli cənab Sədr, hamıya məlumdur ki, 2010-cu il möhtərəm Prezidentimiz tərəfindən respublikada ekologiya ili elan olunmuşdur. Bu bir reallıqdır ki, dünyada terrorizm, müharibələr, eləcə də HIV aktual və prioritet problemdir. Eyni ilə ekologiya problemi də o qədər ciddi problemdir. Biz şahidik ki, ayın 24-də möhtərəm Prezidentimiz hər kəs üçün əziz olan ad günündə, yəni dekabr ayının 24-də ağac əkdi və bunun bizim üçün bir mesaj olduğunu bildirdi.
Artıq uzun illərdir ki, Yeni Azərbaycan Partiyasının ənənəsi var. Hər il aprel ayında ağac əkmə kampaniyası keçirilir. Bu il respublikamızın birinci xanımı Mehriban xanım “Hərəyə bir ağac əkək” devizi ilə cəmiyyətə müraciət etmişdir. Mən sizdən xahiş edirəm, Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı müvafiq yerdə millət vəkilləri ağac əksinlər. Bu,  möhtərəm Prezidentimizin həm əməli fəaliyyətinə, həm də imzaladığı sənədə dəstək verə bilər və hesab edirəm ki, bundan gözəl aksiya olmaz. Biz, parlamentarilər olaraq, bu sənədi, bu aksiyanı, bu müraciəti, bu siyasəti həyata keçirək və həmrəylik nümayiş etdirək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yaxşı təklifdir, bu haqda fikirləşərik. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm. Bizim dövlət orqanlarının yubileyləri münasibəti ilə yubiley medallarının verilməsi haqqında Əsasnamənin təsis edilməsi bir ənənə halını almışdır. Hesab edirəm ki, həqiqətən, dövlət orqanlarının və bizim cümhuriyyətin davamı olan bir dövlətin medallarının təsis olunması müsbət haldır. Prinsip etibarilə mən bunun əleyhinə deyiləm. Lakin təklif edərdim ki, bu Əsasnamə təsdiq edildikdən sonra hazırda Azərbaycanda vergi orqanlarında yaranmış vəziyyətlə əlaqədar olaraq, habelə cəmiyyətin əksəriyyəti tərəfindən bu orqanın korrupsiyanın rəmzi kimi ifadə olunmasını, vətəndaşın və sahibkarların, həmçinin cəmiyyətimizin iqtisadi inkişafı yolunda ciddi əngəl olduğunu nəzərə alaraq, vergi orqanlarının əməkdaşlarına belə bir medal verilməsin. Mən heç də vergi orqanlarında işləyən minlərlə işçini bu məsələyə aid etmirəm. Amma bir daha təkrar edirəm, hazırda Azərbaycan cəmiyyəti üçün bu qurum bir korrupsiya rəmzidir, soyğunçuluq rəmzidir. Bu baxımdan hesab edirəm ki, belə bir medalın verilməsinin vaxtı deyildir. Təşəkkür edirəm.
Sədrlik edən. Özün özünü təkzib edirsən. Deyirsən ki, minlərcə vergi işçisi var ki, korrupsiyadan uzaqdır. Fikir qəti olar ki, aydın olsun. Zahid Oruc.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də hesab edirəm ki, həqiqətən də, Azərbaycanın müstəqil dövlətçiliyinin on illərlə ölçülən tarixi kimi, onun rəmzi kimi ifadə olunan yubiley medalları həm dövlətimizin uzunömürlüyünü, həm də dövlətin ayaq tutmasını özündə ifadə edir. Eyni zamanda, idarəetmə orqanlarında çalışanların əməyinin, fəaliyyətinin, zəhmətinin qiymətləndirilməsi bu sahədə peşəkar insanların formalaşmasına stimul verir, növbəti dövr üçün, növbəti nəsil üçün kifayət qədər yaxşı nümunələr yaradır. Bu həm də orada çalışanlar üçün mühüm bir göstəricidir, mühüm bir amildir.
Hörmətli həmkarım Pənah Hüseynin mövqeyini bölüşmürəm. Cənab Sədr, Siz də bu məqama toxundunuz. Hər hansı bir strukturda qüsurlu insanlar ola bilər. Amma bunun üzərindən qərarlar verilə bilməz. Bu, siyasi bir münasibətdir. Mən hesab edirəm ki, əslində, Pənah bəy özünü yeni il ərəfəsində belə siyasi reaksiyalardan saxlaya bilmədi. Vergi orqanları ötən dövr ərzində kifayət qədər peşəkarlaşmış, qabaqcıl modelləri tətbiq edə bilmiş, habelə vətəndaşlarla və sahibkarlıq subyektləri ilə normal münasibət qura bilmişdir. Həmin qurumun ən mütərəqqi informasiya texnologiyalarına sahib durması, büdcə yükünün ağırlığını öz üzərinə götürməsi təqdirəlayiqdir. İndi kimsə onun fəaliyyətində bir nöqsan görəndə və ya vergi subyektləri ona sərt münasibət bildirəndə, dərhal bu cür rəylər yarana bilir. Harada maliyyə ilə bağlı məsələ varsa, orada bu cür səs-küy olacaq. Mən hesab edirəm ki, bu sahədə çalışanlar həmin yubiley medallarını daşımağa layiqdirlər. Cənab Prezidentin təqdim etdiyi qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm.
Sədrlik edən. Təkid edən var? Siyavuş Novruzov, bir xahişim var, polemikasız fikrinizi bildirin.
S.Novruzov. Mən də qarşıdan gələn bayram münasibəti ilə həmkarlarımı və bütün xalqımızı təbrik edirəm! Hesab edirəm ki, zəhmət çəkən insanın zəhmətinin qiymətləndirilməsi vacib elementlərdən biridir. Bu gün mühüm dövlət strukturu hesab olunan vergi orqanlarının 10 illiyi münasibəti ilə belə bir medalın təsis olunması, habelə kimlərinsə buna layiq görülməsi zəruridir, lazımdır. Çünki biz bilirik ki, bu gün Azərbaycanda dövlət büdcəsinin formalaşmasının böyük bir faizini məhz vergi  orqanları yerinə yetirir. Milli Məclis də daxil olmaqla, həmkarım Pənah Hüseynlə bir yerdə biz də həmin vergi orqanlarının formalaşdırdığı büdcədən əmək haqqı alırıq. Ona görə də kimlərəsə korrupsioner demək asandır, amma sübut eləmək çox çətindir. Mən hesab edirəm ki, bu günə qədər kiminsə sözü ilə kiməsə bu adların verilməsi yerinə düşməyən məsələdir. Ona görə də təklif edirəm ki, bu mükafatı təsis edək və gələcəkdə insanlar xidmətlərinə görə həmin medallarla təltif olunsunlar.
Qısaca məsələni də demək istəyirəm. Bayram günü olmasına baxmayaraq, burada bələdiyyə seçkilərinə toxunuldu. Mən hesab edirəm ki, Azərbaycanda azad, ədalətli və demokratik şəraitdə bələdiyyə seçkiləri keçirildi. Hansı partiyalar ki bələdiyyə seçkilərinə namizəd verə bilməyiblər, onlar bələdiyyə seçkilərindən danışa bilməzlər. Həmkarım burada çıxış edəndə mən güman edirdim ki, o, Müsavat Partiyası bələdiyyə seçkilərində iştirak edə bilmədiyinə, namizəd tapmadığına görə özünü buraxdığını deyəcək və ya Müsavat Partiyasının bağlandığını elan edəcək. Amma əvəzində tamam başqa fikir söylədi. Ona görə də mən hamıya uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Arzu Səmədbəyli,  dedim, polemikaya  çevirməyək. Mən “kim təkid edir” deyəndə, sən əl qaldırmamışdın. Siyavuş çıxış edəndən sonra əl qaldırırsan. Yazılmamışdın? Mən dedim, burada polemika açmayaq. Xahiş edirəm, münasibət bildirək. Elə bil, idman zalıdır, bir-birinə cavab verməlidirlər. Dedim, təkid edən var, ya yox? Bir nəfər təkid elədi. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri     (saat 12.30 dəq.)
Lehinə                                         91
Əleyhinə                                       4
Bitərəf                                            0
Səs vermədi                                 0   
İştirak edir                                   95  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Arzu Səmədbəyli, yəqin, sən  bir az yatıb yuxuda olmusan, düyməni basmamışdın. Sonradan əl qaldırırsan. Olmadı. Xahiş edirəm, yerinizdən danışmayın. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyavuş müəllim,  heç olmasa, yeni il qabağı  bir-birimizi təbrik eləməliyik, söz deməliyik. Bir-birimizdən öyrənə bilmirik.
Gündəliyin üçüncü məsələsinə keçirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Milli Məclisin Müraciətini təqdim eləmək üçün söz Jalə Əliyevaya verilir. Buyurun.
J.Əliyeva.  “Əziz soydaşlar, dəyərli həmvətənlər!
Xalqımızın fikir və söz birliyini əməl birliyinə çevirmək əzmindən güc alan, milli-mənəvi bütövləşmə arzusunu təcəssüm etdirən həmrəylik günündə hər birinizi ürəkdən salamlayırıq.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabr gününün dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin əziz bayramı kimi qeyd edilməyə başlaması xalqımızın milli amallar uğrunda birləşməsi hərəkatının başlanğıcını qoymuşdur. Bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsi Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Milli-mənəvi bütövlüyümüzün, dil, əqidə, əməl birliyimizin yaradılması istiqamətində görülən işlər azərbaycançılıq ideyasını soydaşlarımızın şüurlarına və qəlblərinə hakim etmişdir”.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Üzr istəyirəm, bir dəqiqə. Mən bir dəfə dedim, xahiş edirəm, bir-birimizə hörmət edək. Müraciət qəbul olunur, biz öz həmrəyliyimizi bildiririk,  siz isə orada həmrəylikdən uzaqsınız. Deyəsən, ayrı respublika yaratmısınız.
J.Əliyeva. “Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Yer üzündə az xalq vardır ki, dünya mədəniyyəti xəzinəsinə, dünya ədəbiyyatına, dünya siyasətinə bizim xalqımız qədər dəyərli töhfələr vermiş olsun. Tarix boyu xalqımızın istedad və zəkasının gücü ilə qurulmuş bir sıra Şərq dövlətləri bəşər övladının dövlətçilik təfəkkürünün inkişafında misilsiz rol oynamışlar.
XX əsrin sonlarında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində xalqımız üçüncü minilliyə özünün müstəqil dövləti ilə qədəm qoymuşdur. Millətimizin yaradıcılıq enerjisinin tükənməzliyini təcəssüm etdirən Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyatın bütün sahələrində qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edir. Ölkəmizdə bərqərar olmuş səmərəli, məsuliyyətli və demokratik idarəçilik sistemi xalqımızın maraqları və tələbatı üzərində qurulan dövlət siyasətinin uğurlarına şərait yaradır.
Son 6 ildə Azərbaycan iqtisadi artım sürətinə görə dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındadır. Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsinə ümdə əhəmiyyət verir. Xalqımızın mütəşəkkil qüvvəyə çevrilməsinə yönələn işlər planlı şəkildə davam etdirilir. Soydaşlarımızın milli hüquq və mənafelərinin qorunması üçün dövlət səviyyəsində lazımi tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi Vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Amerikada, Asiyada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərindən kənarda qalmamaq, onların aradan qaldırılması işinə elliklə kömək göstərməkdir.
Qarabağ dərdi xalqımızın göynəyən yarasıdır. Bütün dünya azərbaycanlıları sözü bir yerə qoyub səylərini birləşdirsələr, bu ağrılı problemin həllini daha da yaxınlaşdıra bilərlər.  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də soydaşlarımız çox iş görə bilərlər. Həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi əziz tutmaq, milli hüquqlarımızı qorumaqdır. 
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz! Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza nurlu gələcək arzulayırıq!  Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi”. (Alqışlar.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, əl çalmaqla biz bunu qəbul edirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyahıya yazılmaq nə deməkdir? Burada  həmrəyliyimiz başqa cür anlaşılar. Mən hesab edirəm ki, bu alqışları biz məsələnin qəbulu kimi dəyərləndirək. Etiraz yoxdur ki?
Çox sağ olun.
Hörmətli millət vəkilləri, Yeni ilə bir neçə gün qalıb. Həqiqətən, biz çalışdıq ki, Milli Məclisin payız sessiyasında qarşımızda duran bütün məsələləri layiqincə həll edək. Mənə elə gəlir ki, biz buna  az-çox nail olduq. Mən Yeni il münasibəti ilə sizin hamınızı, ailənizi, bizim seçicilərimizi ürəkdən təbrik edirəm, hamıya can sağlığı, xoşbəxtlik arzu edirəm! (Alqışlar.)
Sonuncu layihəmiz də, həqiqətən, Dünya azərbaycanlılarına Müraciət də ürəkdən gəlməlidir. Ona görə də mən imkan vermədim ki, burada xoşagəlməz çıxışlar olsun. Mən hesab elədim ki, sizin əl çalmağınızı, alqışlarınızı Dünya azərbaycanlılarına müraciətimizin bəyənilməsi kimi qəbul edək. Ona görə də çox sağ olun. Xahiş edirəm, son Müraciətə də münasibət bildirək.

Səsvermənin nəticələri      (saat 12.39 dəq.)
Lehinə                                         104
Əleyhinə                                        2
Bitərəf                                             0
Səs vermədi                                  2  
İştirak edir                                   108  
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bununla da 2009-cu ilin payız sessiyası sona çatdı. Mən payız sessiyasını bağlı elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

 

Edilməmiş çıxışın mətni

29 dekabr 2009-cu il

Nəsib Nəsibli. Azərbaycan türklüyü dünyanın sayca 30−35-ci yerdə duran çoxsaylı xalqlarındandır. Onların da yalnız yüzdə iyirmisi Azərbaycan  Respublikasında yaşayır. Məhz bu keyfiyyətinə görə, yəni təmsil etdiyi əsas etnik vahidin çoxunun onun sərhədləri xaricində yaşadığına görə Azərbaycan  Respublikası dünyanın bir neçə unikal dövlətlərindən biridir. Amma bu unikallıq həmişə imkanlar yaratmır, bəzən müəyyən təhdidlər törədir. Odur ki, bu məsələ xüsusi diqqət tələb edir.
Bu qədər böyük potensialı olan, amma Azərbaycan  Respublikası kimi həmin potensialdan pis istifadə edən ikinci ölkə tapmaq çətindir. Əslində, hökumətin hələ doğru-dürüst nə xarici azərbaycanlılar, nə də xarici türklərlə bağlı konsepsiyası var. Olsa idi, bu qədər yanlışlıq olmazdı.
Xarici azərbaycanlılar məsələsindən başlayaq. Xarici  azərbaycanlıların ən böyük hissəsi Güney Azərbaycanında və İranın digər yerlərində yaşayır. Əslində, azərbaycanlıların ən çox toplaşdığı yer Tehrandır. Vyana konvensiyasına görə diplomatik münasibətləri olan ölkənin ərazisində öz kültürünü təbliğ etmək də azaddır. Amma Azərbaycan  Respublikası özünün ən təsirli vasitəsindən − milli mədəniyyətini İrandakı 30 milyonluq soydaşlarımız arasında təbliğ etməkdən istifadə etmir. Bakıda İran Mədəniyyət Mərkəzi var, Xomeyni İmdad Təşkilatı fəaliyyət göstərir, “Əl-Huda” kitab mağazası, nəhayət, rəhbərin nümayəndəsi aktiv təbliğat aparır. Azərbaycanın isə İranda bir mədəniyyət mərkəzi belə yoxdur. Məhz bizim hökumətin fəaliyyətsizliyi nəticəsində cənub qonşumuz onun gələcəyi üçün yalnız təhdid hesab edilməkdədir. Bunun çox konkret imkanlar yaratdığı isə dərk edilmir. Misal çəkim. Xaricdə yaşayan soydaşlarımızdan, eləcə də güneyli qardaşlarımızdan eyni təhsil haqqı alınır. Halbuki son 18 ildə hər il cəmi 100 nəfər oxuyub, Güneyə qayıtsaydı, bu 1800 nəfər milli şüura malik kadr ordusu demək olardı.
Gürcüstanda yaşayan soydaşlarımızla bağlı son illərdə bəzi işlər görülməyə başlanıb. Amma bu qədər, yəni “bəzi işlər”. Gürcüstandan soydaşlarımızın köçü davam etməkdədir. Artıq onlar daha çox Azərbaycana deyil, Ukrayna və Belarusa köçməkdədirlər.  Gürcüstanda vaxt var idi, 700 min soydaşımız yaşayırdı, son zamanlar tez-tez 500 mindən bəhs edilir. Doğru deyil. Orada olsa-olsa, 200 minədək soydaşımız qalıb və onların sayı durmadan azalır. Bu tükənmə amili həm də YAP iqtidarının doğru-dürüst siyasətinin olmaması ilə izah edilməlidir.
Bir yeni misal çəkim. Çoxdandır, bu məsələni qaldırmaq istəyirəm, amma imkan olmurdu. Faxralı kəndindən bir soydaşımız zəng vurub, xahiş edir ki, soruşum: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hörmətli sədri Hidayət Orucov Gürcüstana səfəri zamanı Faxralı kəndinin məscidinin bərpasının əvəzində söz verdi ki (mən bunu televiziyada qulaqlarımla eşitdim), Bakıda bir gürcü kilsəsi tikiləcək. Bizim Faxralıdan olan müəllim də soruşur ki, gürcü kilsəsinin tikintisi nə vaxt başlanacaq ki, kənddə keşik çəkən keşişlər, nəhayət, icazə versinlər, məscidin bərpa işlərini davam etdirək?
Mənim də sualım var: Borçalıdakı hər azərbaycanlı kəndində, − onların sayı təxminən 200-dür, − bərpa edilən məscid üçün Bakıda bir kilsəmi tikiləcək? Hər şey bir yana qalsın: bu kilsələrdə ibadət edəcək bu qədər gürcünü haradan tapıb gətirəcəksiniz?
Əlbəttə, hörmətli Hidayət Orucovun bəyanatı yanlışdır. Tək bu bəyanat olsaydı, deyərdik, səhv olub, düzələr. Amma 2 il əvvəl digər bir komitə − Diaspora Komitəsi başçısının “Gürcüstanda azərbaycandilli məktəblərin bağlanması təklifini biz vermişik” kimi absurd bəyanatı olmasaydı. Həm də 2002-ci il tarixli “Xaricdə yaşayan azərbaycanlılar haqqında” Qanuna daban-dabana zidd olmasaydı. Qanunun bir neçə maddəsində bu komitənin milli mədəniyyətimizi təbliğ etmək vəzifəsi daşıdığı yazılır. Komitə tərsini edir. Dövlət büdcəsindən ona ayrılan vəsaiti Gürcüstanda gürcü dilinin öyrədilməsinə sərf edir. Keçən il və bu il məndə olan məlumata görə həmin işlərə 500 min dollar pul xərclənib. Gələn il də 250 min dollar xərcləməyi planlaşdırırlar.
Azərbaycan iqtidarının Borçalı siyasətində belə absurdlar çoxdur. Bir daha təklif edirəm: bu məsələ ilə bağlı dinləmələrin keçirilməsinə çox böyük ehtiyac var. Həqiqətən, soruşmaq istəyirəm: niyə Gürcüstan parlamentində ingiloylar, ya Qaxdakı gürcülərin vəziyyəti ilə bağlı dinləmələr keçirilir, amma bizim Milli Məclisdə Borçalıdakı durumu müzakirə etməyə ehtiyac hiss edilmir?
Rusiyada yaşayan bir neçə milyon soydaşımız miqrasiya qanununa yeni, yöndəmsiz dəyişiklik səbəbindən çox əziyyət çəkir, Rusiya Azərbaycanın dayağına çevrilə bilmir. Əksinə, bu, Azərbaycanın gələcəyini təhdid edən amilə çevrilib. Orada yaşayan soydaşlarımız və onların iqtisadi gücü Rusiya hökumətinin siyasətinə təsir etmək gücünə adekvatdırmı? Məncə, cavab mənfidir.
Dərbəndi qədim Azərbaycan şəhəri hesab edirik. Amma Dərbənddə və ətraf yerlərdə yaşayanların milli şüuru, Azərbaycana bağlılığı istənilən səviyyədədirmi? Cavab mənfidir.
Türkiyədə yaşayan soydaşlarımızı Anadolu türklərindən fərqləndirmək çox çətindir. Heç fərqləndirmək də lazım deyil. Problem budur: son bir ildə Türkiyəyə qarşı aparılan təbliğatın nəticəsində Azərbaycanda rəyi soruşulanların dörddə üçü Türkiyəni strateji müttəfiq saymır. Halbuki doğru-dürüst siyasət aparılsaydı, Ankara üzərində İngiltərənin ABŞ-a təsiri qədər təsirimiz olardı. Bəlli bir düstur var: Ağ evin qərarına təsir etməyin ən asan yolu Dauning stritdən hərəkət etməkdir. Azərbaycan üçün bu real potensial var, amma rəsmi Bakı onun fərqində də deyil.
Avropa və Amerikadakı soydaşlarımızla münasibətlər lazımi səviyyədə deyil. Burada yaşayan soydaşlarımız üçün Azərbaycan  Respublikasını doğmalaşdırmağın çox asan yolları var. Onlar üçün viza məsələsi problem olmamalıdır. Ölkədəki korrupsiya sistemi onların Azərbaycan iqtisadiyyatına kapital qoymasına mane olur. Halbuki onların Azərbaycanla Qərb arasında üzvü körpü yaratmalarına mane olmamalıdır. Yeni misal. Kanadada yaşayan Urmulu qonaq Güneydəki qohumlarını ziyarət etdikdən sonra Bakını ziyarət etmək istəyirdi. O, şikayət edir ki, Astaradakı keçid məntəqəsində məmur ondan rüşvət tələb edəndə geri döndü. Sonra mənə zəng edib deyirdi ki, bu qədər rüşvət olan ölkədə Siz yazıqlar necə yaşayırsınız?
Bir sözlə, çoxmilyonlu azərbaycanlılar üçün Azərbaycan  Respublikasını əməldə doğmalaşdırmaq istəyiriksə, hər şeydən əvvəl onların vətənlərindən, öz dövlətlərindən viza almaq kimi anormal vəziyyət dəyişdirilməlidir. Onlara başlanğıc üçün birillik çoxkeçidli, pulsuz viza qaydası və birillik oturma izni verilə bilər. Vacib məsələlərdən birisi də ikili vətəndaşlıq məsələsidir. Bunun Azərbaycan üçün təhlükəsimi, xeyirimi çoxdur? Bunu, heç olmasa, müzakirə etmək lazımdır.
Xarici türklər də gerçəkləşməmiş imkanlardandır. Türkiyə ilə bağlı dadsız-duzsuz durumun yaşandığını dedim. Şimalı Kiprin müstəqilliyini məlum səbəbdən rəsmən tanımaq mümkün sayılmır. Lefkoşada nümayəndəliyin olmasına nə mane olur? Ya Şimalı Kiprin buradakı nümayəndəsinə qardaş dövlətin nümayəndəsi və nümayəndəliyi kimi yanaşılmır. Halbuki milli və dövlət maraqlarımız Şimalı Kiprin nümayəndəsinə rəsmi statusundan daha səmimi və daha isti yanaşma tələb edir. Orta Asiyadakı qardaş dövlətlərlə münasibətlərimiz sözdə yaxşıdır. Amma həqiqət belədir ki, hətta Sovet dövründə biz daha yaxın idik.
Bir sözlə, xarici siyasətimizin tərkib hissəsi kimi xarici azərbaycanlılar və xarici türklərlə bağlı fəal siyasət lazımdır. Bu, yalnız Qarabağ probleminin həllinə yardım edə biləcək əlavə imkan demək deyil. Bu həm də Azərbaycanın iqtisadi, mədəni əlaqələrinin, o cümlədən büdcəyə xeyli gəlir gətirə biləcək xarici turizmin genişlənməsinə stimul ola bilər.
Bir məsələni də əlavə etmək istərdim. Xarici azərbaycanlılar amilindən istifadə edilmədiyi təqdirdə bu amil onun təhlükəsizlik probleminə çevrilməyə məhkumdur. İranda və Rusiyada soydaşlarımıza yönəlik fəal siyasət olmadıqca bu təhlükə qalacaq, hətta artacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi