2010-ci il 12 fevral tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XIV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  134

Milli  Məclisin  iclas  salonu.
12  fevral  2010-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 107 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

E. Qasımov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş idarə rəisinin müavini.
N. Hətəmxanov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin baş idarə rəisinin müavini.

* * *

N. Xəlilov, Azərbaycan Respublikası Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət satınalmaları haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
6. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət satınalmaları haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
6. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                      O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

12  fevral  2010-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir  99
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf  0
Səs vermədi  2 
İştirak edir  98
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bir neçə dəfə çıxışlarımızda bələdiyyələrin statusunun artırılması, onlara bir sıra yeni səlahiyyətlərin verilməsi və idarəetmədə onların çəkisinin yüksəldilməsi ilə bağlı mövqe ifadə etmişik. Çox təəssüflər olsun ki, bəzən bunu siyasi mövqe kimi qəbul edirlər və hesab edirlər ki, bu, siyasi yanaşmadır. Amma son həftələr Bakı şəhərində, habelə respublikanın ərazisində hava şəraitindən doğan çətinlikləri hansı strukturun aradan qaldırması ilə bağlı ciddi problemlər yarandı. Faktiki olaraq Bakı şəhəri də, ətraf rayonlar da iflic vəziyyətinə düşdü. Buna görə də hesab edirəm ki, kommunal təsərrüfat birliklərinin, o cümlədən mənzil-istismar sahələrinin və başqa sahələrə aid olan strukturların səlahiyyətlərinin yenidən bölüşdürülməsi, Milli Məclis vasitəsilə həmin səlahiyyətlərin bələdiyyələrə verilməsi və nəticə etibarilə onların yaranacaq hər hansı bir problemi həll etmək üçün imkanları kifayət qədər tanınan bir struktura çevrilməsi lazımdır. Bakı şəhərində, iri şəhərlərdə mer, bələdiyyə başçısı seçkisi birbaşa açıq səsvermə ilə keçirilməlidir ki, xalq bu tipli məsələlərdə həm ödədiyi pulların müqabilində sahələrə cavabdeh olan strukturu aydın tanısın, həm də tələb edə bilsin.
Çox qəribə bir məntiq yaranır. Qar yağan kimi deyirlər ki, fövqəladə vəziyyətdir, qeyri-adi hava şəraitidir. Qışda qar yağar da... Yayda günəşin çıxması qeyri-adidirmi ki, qışda qarın yağması da qeyri-adi olsun? Qar yağır, deyirlər ki, Azərbaycanda qeyri-sabit hava şəraitidir və sair. Qışın qaydası budur, strukturlar buna hazırlaşmalı idi. Sadəcə olaraq, strukturlar məsələni bir-birinin üzərinə atır. Hansı işlə kimin məşğul olacağı ilə bağlı dəqiq çərçivə müəyyən olunmayıb və bunun nəticəsində də belə bir vəziyyət yaranıb. Ona görə hesab edirəm, bu tipli strukturların hamısı bələdiyyəyə verilməlidir. Bələdiyyə də bu işlə məşğul olmalıdır. Əhali də zibil pulundan tutmuş kommunal xərclərin ödənilməsinə qədər bütün vəsaiti bələdiyyəyə verməlidir ki, nəticə etibarilə həmin strukturların nə dərəcədə işləməsinə qiymət versin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ ol. Amma, İqbal bəy, qar yağanda və saniyədə 30 metr sürətlə külək əsəndə, desinlər ki, sabit hava şəraitidir? Əlbəttə, deyəcəklər ki, qeyri-sabit hava şəraitidir. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim qaldıracağım məsələ əhalinin sağlamlığı ilə, xüsusilə yeni dünyaya gələn insanların sağlamlığının hüquqi əsaslarının möhkəmlənməsi ilə bağlıdır. Dünyanın bir çox ölkələrində nikaha girən şəxslərin sağlamlıq vəziyyəti barədə bir-birinə məlumat verməsi məsələsi qanunvericiliklə təsbit olunmuşdur. Azərbaycanın da qəbul etdiyi belə sənədlərdə, xüsusilə Ailə Məcəlləsində bu, ötəri olaraq vurğulanır, lakin təfsilatı dəqiqləşdirilmir. Məsələ burasındadır ki, bur çox virus və mikrob infeksiyaları cinsi yolla yoluxur və bəzən də anadan uşağa keçir. Xüsusən də nəzərə almaq lazımdır ki, dünyada Hepatit B və Hepatit C qrupundan olan virus daşıyıcılarının, eləcə də insanın immunçatışmazlığı virusunun çox sürətlə yayıldığı bir dövrdür. Ona görə bu məsələlərin profilaktikası üçün, xəstəliklərin birindən digərinə ötürülməməsi və dünyaya gələn uşaqların sağlamlığı məqsədi ilə bunun qanunvericilik səviyyəsində tənzimlənməsinə ciddi ehtiyac var.
Eyni zamanda, çox təəssüf ki, hələ də Azərbaycan üçün hemofiliya və talassemiya xəstəliklərinin qarşısının alınması, bu məsələyə son qoyulması üçün nikaha girən şəxslərin ən azı 5–6 xəstəlik üzrə müayinə olunması və bir-birinə məlumat verməsi məsələsi problem olaraq qalır. İrsi yolla keçən bəzi xəstəliklər də var. Son vaxtlar Azərbaycanda psixi xəstələrin sayı artır və ildə beş minə yaxın yeni psixi xəstə qeydə alınır ki, bunların da böyük əksəriyyəti yeniyetmələr və gənclərdir. Bütün bunların profilaktikası məqsədi ilə təklif edirəm ki, yaxın vaxtlarda gündəliyə Ailə Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi salaq. Bilirsiniz ki, Sosial siyasət komitəsi tərəfindən bir maddə ilə bağlı monitorinq aparılıb və dəyişikliklər təklif olunub. O dəyişiklikləri sonraya da saxlamaq olar. Amma nikaha girən şəxslərin sağlamlıq vəziyyəti barədə tibbi arayış almaları və bir-birini məlumatlandırmaları məsələsi gözləmir. Xahiş edirəm, növbəti iclasların birində bu məsələyə baxaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məndən öncə son elektrik qəzası ilə bağlı məsələyə toxunuldu. Mən düşünürəm ki, əlbəttə, parlamentin istənilən məsələni müzakirə etməyə tam səlahiyyəti var. Amma qeyd etməliyəm ki, bu dönəmdə Azərbaycanın bütün dövlət və hökumət strukturları vahid bir iş prinsipi ilə səfərbər oldular və xalqımızla birgə bu problemləri dəf eləməyə çalışdılar. Hər hansı məsələni, bir qəzanı siyasiləşdirmək, onu antihakimiyyət təbliğatına çevirmək olmaz. Bir daha təkrar edirəm ki, biz parlamentarilər olaraq istənilən sahədə məsələləri müzakirə edə bilərik, amma bunu bütün iqtisadi inkişafımız üzərində təftiş predmetinə çevirənlər gərək bu qaranlıq vəziyyətdən özlərinin başqa qaranlıq məqsədləri üçün istifadə etməsinlər.
Cənab Sədr, mənim toxunacağım məsələ artıq bir neçə dəfədir ki, İranın rəsmi dairələrinin, o cümlədən bir neçə gün öncə telekanallarımıza müsahibə verən səfirin bu ölkənin Qarabağ məsələsinin tənzimlənməsində vasitəçilik missiyasına yönəli məramını ifadə eləmələri ilə əlaqədardır. Mən, əlbəttə, subyektiv mülahizələrimi bölüşürəm. Birinci növbədə xatırlatmaq istəyirəm ki, 1992-ci ildə İran belə bir praktikada iştirak eləyib. O dönəmdə Azərbaycanın rəhbərliyi İranda səfərdə idi. Şuşa ilə bağlı addımlar atılması istənilirdi, döyüşlərin də ağır dövrü idi. Bu onunla nəticələnmiş oldu ki, Şuşa işğal edildi, İran özünü Ermənistana təsir göstərən bir ölkə kimi sübut eləyə bilmədi.
İkinci tərəfdən, İranın dövlət quruluşu, siyasi sistemi, idarəçilik vəziyyəti, nüvə qalmaqalı ətrafında beynəlxalq münasibətlər sistemində yeri və ciddi qarşıdurmalar o deməkdir ki, İran Qarabağ məsələlərində yer alsa, o problemləri avtomatik olaraq bu müstəviyə daşımış olacaq.
Üçüncü, İran–Ermənistan məsələləri bu problemlərin indiyə qədər uzanmasına çox böyük təsir göstərən ən mühüm amillərdən olub. Mən elə hesab edirəm ki, İran, doğrudan da, bu proseslərdə yer almaq, Cənubi Qafqazdakı məsələləri tənzimləmək və dəfələrlə bəyan elədiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini səmimi göstərmək naminə birinci olaraq Türkiyənin atdığı addımı atmalıydı. Bu gün də gec deyil, bu addımı ata bilər. Qoy İran Ermənistanla sərhədlərini bağlasın, iqtisadi, ticarət münasibətlərini dayandırsın. Onda Ermənistan öz-özünü məruz qoyduğu təcriddə, həqiqətən də, sülhə daha çox gəlmiş olacaq və bu məsələdə islah mövqeyini göstərmiş olacaqdır.
Cənab Sədr, mən bilirəm ki, Sizin İrana səfəriniz var. Sizi Azərbaycan dövlətçiliyi və milli mənafelər yolunda çox fəal mövqe tutan bir insan kimi tanıyıram. Çox arzulayıram ki, mənim fikirlərimin əleyhinə fikirlər söylənilməsin. Mən onu arzulayıram və düşünürəm ki, Azərbaycanın hər bir insanı İranın bu mövqeyini gözləyir. Sağ olun.
Sədrlik edən. Hörmətli Zahid müəllim, sən arzulaya bilərsən, amma mən sənin sözlərinə cavab verməsəm, düzgün çıxmaz. İranla Azərbaycanın 640 kilometr sərhədi var. İran Azərbaycana dost, qonşu ölkədir. Hər hansı bir ölkənin Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək olması məsələsini biz heç vaxt inkar etməli deyilik. İmkan varsa, hər kəs bu imkandan istifadə eləməlidir. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun, hörmətli Sədr. Mən də bir məsələyə toxunmaq istəyirəm. Son vaxtlar qəzetlərdə yazılan bəzi fikirlərə münasibət bildirmək istəyirəm. Bir çoxlarına elə gəlir ki, Azərbaycanda nə külək əsməlidir, nə də qar, yağış yağmalıdır. Elə bil, Azərbaycan həmişə Allahın bu vergilərindən xali, kənarda olmalıdır. Azərbaycanda qar yağan kimi qəzetlərin başlıqlarına çıxarıldı ki, Azərbaycanın qara, fəlakətli, əzablı günləri başladı. Mən ayın 5-də rayondan gəlirdim. Özü də qarın ən şiddətli vaxtı idi. Ucardan başlamış Bakıya kimi yolboyu mən yol polislərini, Fövqəladə Hallar Nazirliyinin işçilərini gördüm. Qreyderlər yolu təmizləyirdilər. Həm də çox yaxşı hal idi ki, o adamlar öz çiyinlərini qabağa verib yolun kənarlarına sürüşüb düşən maşınları çıxarırdılar. Bundan siyasi məqsədlər üçün istifadə eləmək, hesab edirəm ki, yersizdir və bizim nüfuzumuza xələl gətirir.
Digər tərəfdən, burada bir çoxları dəfələrlə bələdiyyələrə səlahiyyətlərin verilməsindən danışır. Açığını deyim ki, bələdiyyələrin müəyyən səlahiyyətləri var. İstər icra strukturlarının, istərsə də bələdiyyələrin səlahiyyətləri artıq özlərinin əsasnamələrinə və qanunvericiliyə uyğun olaraq bölünüb. Ancaq bir çoxları bundan da siyasi məqsədlər üçün istifadə edirlər. Bilirsiniz, bu gün bələdiyyələrə elə səlahiyyətlər verilməlidir ki, onlar bunu yerinə yetirə bilsinlər. Ölkədə qar yağır, böyük işlər görülməlidir. Biz indi bu böyük işləri bələdiyyələrə verək? Bunun üçün bələdiyyələrin nə texnikası, nə imkanları, nə də işçi qüvvəsi var. Onlar bunu həyata keçirə bilməzlər. Bilirsiniz, biz səlahiyyətləri qatışdıra bilmərik. Onun üçün həmkarlarımdan, mətbuatda çıxış eləyən adamlardan xahiş edərdim ki, ünvanlı danışsınlar, hər şeyə qara yaxmasınlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də son vaxtlar qarın yağması ilə əlaqədar Bakı şəhərində və digər rayonlarda yaranmış problemlər barədə danışmaq istəyirəm. Mən söyləmək istəyirəm ki, bu qar, Oqtay müəllimin dediyi kimi, qeyri-sabit hava şəraiti Bakı şəhər təsərrüfatının bərbad vəziyyətdə olduğunu ortaya qoydu.
Sədrlik edən. Qulaq asın. Pənah Hüseyn, bura Milli Məclisdir, bazar deyil. İqbal Ağazadə, Siz danışanda o, müdaxilə eləməyib.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Lazım olanda qara da, ağ da yaxırsan, amma sənə cavab vermirlər. Xahiş edirəm, söz almamış danışmayın. Qüdrət Həsənquliyev, davam eləyin.
Q. Həsənquliyev. Doğrudan da, bu qeyri-sabit hava şəraiti Bakı şəhər təsərrüfatının bərbad vəziyyətdə olmasını üzə çıxardı. Mən bütün dövlət orqanlarının fəaliyyətinin üzərinə kölgə salmaq fikrindən çox uzağam. Bakıda və rayonlarda Dövlət Yol Polisinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini qiymətləndirmək lazımdır. Amma qeyd eləmək lazımdır ki, doğrudan da, Bakı şəhərinin saatlarla enerji ilə təchiz olunmaması, metropolitenin işıqlarının sönməsi, insanların tunellərdə qalması tənqid olunası haldır. Buna görə məsuliyyət daşıyan şəxslər qanunla cavab verməlidirlər.
Azərbaycan türk dövlətidir. Mən təklif edirəm ki, ümumiyyətlə, strateji əhəmiyyətli sahələrin başında duran insanların qanı bu millətin qanından olmalıdır. Vəzifə borcu ilə yanaşı, həm də onun bu millətə ürəyi ağrımalıdır. ANS televiziyası aşan yüksək gərginlikli elektrik dirəklərindən birini göstərirdi. Mən başa düşürəm, ola bilsin ki, bunun hamısını birdən dəyişmək mümkün deyil. Amma ən azından yoxlama aparıb qəza vəziyyətində olan 5–10 elektrik dirəyini dəyişmək mümkün idi. Həm də bu problemləri çəkib göstərən jurnalistlərə təzyiqlər edilir. Bu, ikiqat yolverilməzdir.
Bakı şəhər təsərrüfatının işinin yaxşılaşdırılması ilə əlaqədar aparılmış müəyyən islahatlar, struktur dəyişiklikləri də səmərə vermədi. Şərifzadə küçəsində bir həftədən artıq idi, bütün zibillər ortalıqda qalmışdı. Zibil yeşiklərindən kənarda ikiqat artıq zibil toplanmışdı. Bu nə idi ki, bunu bələdiyyələrdən aldılar, ayrıca struktur yaratdılar və o da öz işini layiqincə yerinə yetirmir. Hesab edirəm ki, bu problemlərin çoxu islahatların aparılmaması ilə bağlıdır. Düşünürəm ki, bu sahələr özəlləşdirilməlidir, ayrı-ayrı sahələrə məsul şəxslər olmalıdır və onlar da baş verən hadisələrə görə məsuliyyət daşımalıdırlar. Əgər biz öz vəzifəsini layiqincə yerinə yetirməyən məmurları layiqincə cəzalandırmasaq, gələcəkdə bu cür hallar davam edəcək. Sahəyə rəhbərlik eləyən şəxsin sahəsində ciddi nöqsanlar aşkar olunarsa, onun məsuliyyəti olmalıdır. Ola bilməz ki, yalnız aşağı səviyyəli bir-iki məmur cəzalandırılsın və bununla da məsələ bitmiş hesab olunsun. Ona görə də Milli Məclis bu məsələyə öz etirazını bildirməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımın narahatlığına qoşuluram və hesab edirəm, biz müharibə aparan dövlət kimi çalışmalıyıq ki, gələcəkdə əgər hücum əməliyyatlarına başlasaq, müharibəni hər halda sinoptiklərlə məsləhətləşib aparaq. Çünki “Azərenerji”nin Bakıda, Azərbaycanda göstərdiyi fəaliyyət ona gətirib çıxarır ki, müharibənin gedişində ölkədə 3 gün, 5 gün, 10 gün işıq olacağına, ya olmayacağına bizim ümidimiz yoxdur. Açığını deyim, onda Moskva, Sibir nə eləsin? Orada bütün günü qar yağır. Azərbaycanda 3 gün qar yağmaqla bütün infrastruktur pozuldu. Hər şeyi ədalətlə demək lazımdır, qaz, su normal qaydada verildi. Tanıdığım yüzlərlə insanın 3 gün işığı yanmadı. Adi bir vəziyyətdə bu olmursa, sabah müharibə aparan hansı dövlət ümid edər ki, elementar problemi həll eləyib? Ona görə məsuliyyət məsələsi vacibdir. Bunun əvəzinə bunu üzə çıxaran jurnalistlərin kamerasını sındırırlar. ANS-in operatorunun kamerasını sındırırlar. Hansı əsasla bunu eləyirsən? Kamera sındırmaqla nöqsan düzəlməyəcək ki?
İkinci, hörmətli Oqtay müəllim, bildiyimə görə, Sizin İran İslam Respublikasına səfəriniz gözlənilir. Ona görə istərdim, Sizin diqqətinizə Azərbaycanın elmi ictimaiyyətini narahat eləyən bir məsələni çatdırım. Azərbaycanın görkəmli alimlərindən biri, BDU-nun Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun aparıcı fizik-mühəndisi Rəşid Əliyev İran İslam Respublikasında həbsdədir. Açığı deyim, İran İslam Respublikasının müəyyən orqanlarının tələblərinə tabe olmadığına, yəni onlarla işləməkdən imtina elədiyinə görə onu orada saxlayıblar. O, nüvə fizikası sahəsində görkəmli mütəxəssisdir.
Xatırlayırsınızsa, Bill Klinton vaxtilə Koreyadan iki jurnalisti əsirlikdən azad edib gətirdi. Öz vətəndaşına Amerika Birləşmiş Ştatlarının münasibəti budur. Görkəmli alimimizin buraxılması üçün bəzi deputatlar imza atdıq və İran parlamentinin sədrindən xahiş elədik ki, kömək göstərsin. Sizdən son dərəcə xahiş edirəm, İran İslam Respublikasının rəsmiləri qarşısında Azərbaycan aliminin hüququnun müdafiə olunması istiqamətində əlinizdən gələni əsirgəməyəsiniz. Mən əminəm ki, bunu edəcəksiniz. Amma hər halda bizim deputatların narahatlığını da İrana çatdırın. Bu, qonşuluq, dostluq münasibətinə sığmaz. Azərbaycan vətəndaşını bir dövlət girov götürüb saxlayır və sonra da bunun müxtəlif siyasi məqsədlərə yol açmasına səbəb olur. Ona görə də hesab edirəm ki, onun azad olunması istiqamətində hamımız səyləri birləşdirməliyik. Bu, dövlətin vətəndaşa, ümumiyyətlə, öz insanına verdiyi qiymətin bir göstəricisi olacaqdır.
Sədrlik edən. Çox sağ olun. Fazil müəllim, bu barədə mənə müraciət ediblər, araşdırırıq. Düzdür, mən Bill Klinton deyiləm, amma əlimdən gələni edəcəyəm ki, bu məsələyə münasibət bildirək və onun həllinə çalışaq. Ancaq hələ bu araşdırılır. Görək nə məsələdir? Siz deyən kimi, istintaq işi aparılmır ki, biz onun nəyə görə saxlanıldığını bilək. Bunu gərək öyrənək, yerində araşdıraq. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əlbəttə, mən də öz narahatlığımı ifadə etməyə bilmərəm. Fevral ayının 5-də və 9-da Bakı şəhərində və ölkənin əksər bölgələrində yaşanmış enerji böhranı deyilməlidir. Bu cür məsuliyyətsiz hərəkətlərə yol verən insanlar haqqında konkret tədbirlər görülməlidir ki, gələcəkdə bu və buna bənzər hadisələr baş verməsin. Mən düşünürəm ki, bu, ilk növbədə, Azərbaycan enerji sistemində, onun rəhbərliyində peşəkarlığın və dövlətçilik şüurunun çatışmaması ilə daha çox bağlıdır. Ona görə də elə etmək lazımdır ki, təbiətin bu və ya digər şıltaqlıqları yarandığı zaman belə hallar təkrar olunmasın.
Bəli, mən onun da tərəfdarı deyiləm ki, “Azərenerji”də yaranmış bu böhranlı vəziyyət bütövlükdə Azərbaycanın digər strukturlarına da aid edilsin. Bu, ədalətsiz yanaşmadır, haqsız yanaşmadır, qeyri-obyektiv yanaşmadır. Hörmətli həmkarlarımdan, müxalifət nümayəndələrindən də xahişim ondan ibarətdir ki, bu cür məsələlərə bir az həssaslıqla yanaşsınlar. Bunun üzərində siyasi oyunlar aparmağa meyil göstərməsinlər, buna ehtiyac yoxdur.
Mən fevral ayının 5-də və 6-da işimlə əlaqədar Bakı şəhərində oldum. Gördüm ki, Bakının əsas küçələri qardan təmizlənilir. Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yol Polisinin maşınlarını gördüm. Azərbaycanda qaz, su, ərzaq, çörək problemi olmadı, ancaq enerji problemi oldu. Bunların hamısı deyilməlidir. Mən əminəm ki, Azərbaycan hakimiyyətinin müvafiq strukturları bu cür hallara son qoymaq üçün, əlbəttə, öz konkret addımlarını atacaqlar və bundan sonra belə vəziyyətin yaranmasına imkan verilməyəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ziyafət müəllim yaxşı deyir, görəsən, qar yağmasaydı, bu gün danışmağa başqa bir problem olacaqdı? Hamımız deyirik ki, həqiqətən, Fövqəladə Hallar Nazirliyi çox yaxşı işlədi. Elə Fövqəladə Hallar Nazirliyi bu fövqəladə vəziyyəti aradan qaldırmaq üçün lazımdır. Dövlət Yol Polisi də çox yüksək səviyyədə işlədi.
Bu hadisələri bir az normal qarşılamaq lazımdır. Bilirsiniz, Amerikanın paytaxtı Vaşinqtonda qar yağıb, minlərlə evdə işıq kəsilib. Biz işığın kəsilməsindən danışırıq, amma hansı vəziyyətdə iki saat ərzində nə işlər görülməsindən heç kim bir kəlmə danışmaq istəmir. Mən “Azərenerji”nin rəhbərliyi ilə danışdım. Siz, yəqin, kadrlarda da baxdınız ki, insanlar hansı şəraitdə, nə vəziyyətdə bu fövqəladə hadisənin qarşısını almaq istəyirdilər. Yəni hər şeyi qatıb-qarışdırmaq lazım deyil. Ziyafət Əsgərov, buyurun.
Z. Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, iki məsələ ilə əlaqədar fikirlərimi sizinlə bölüşmək istəyirəm. Bilirsiniz ki, fevral ayının 26-da Xocalı faciəsinin 18-ci ildönümü qeyd olunacaq. Bununla əlaqədar artıq kütləvi informasiya vasitələrində müəyyən yazılar gedir, bu da təbiidir. Biz çalışmalıyıq ki, Xocalı həqiqətlərini bütün dünyaya çatdıraq və onun digər ölkələrdə genosid kimi qəbul edilməsinə nail olaq. Amma mən təəssüf edirəm, hələ də bizim bəzi deputatlarımız qəzet səhifələrində belə bəyanatlarla çıxış edirlər ki, guya Xocalı faciəsi soyqırımı kimi tanınmayıb, biz əvvəl bunu soyqırımı kimi tanımalıyıq və ilaxir və sair.
Bu yaxınlarda Türkiyədən gələn hörmətli bir qonaqla – Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cem Oğuzla görüşdük. O mənə dedi ki, sizin deputatlar və digər şəxslər Türkiyəyə gəlirlər və “Xocalı soyqırımını tanıyın, Türkiyə parlamenti buna qiymət versin” deyirlər. Amma sizin özünüzdə bu tanınmayıb axı. Soruşuram ki, Azərbaycan parlamentinin bunu tanımadığı haqqında məlumatı Siz haradan almısınız? Biz tanımadığımız şeyi başqasından necə tələb edə bilərik?
İndi mən, hörmətli deputatlar, sizdən xahiş edirəm, xarici ölkəyə gedəndə bir şeyi öyrənməmiş danışmayaq. 1994-cü il fevral ayının 24-də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu Məclisdə, bu zalda Xocalı soyqırımına qətliam kimi qiymət verilibdir. Elə həmin iclasda da dünya azərbaycanlılarına bir bəyanat yayılıb ki, bütün dünya ölkələri baş vermiş bu hadisə haqqında təfsilatı ilə məlumat əldə etsinlər. Bu, artıq soyqırımı kimi qəbul edilibdir. İndi bilmirəm, bundan hansı məqsədlər üçün istifadə edirlər? Deməli, hər il bu soyqırımı günü, ayın 26-sı yaxınlaşanda qəzet səhifələrində yazılar gedir ki, Milli Məclis bunu tanımalıdır, bununla əlaqədar qanun qəbul eləməlidir. Bilirsiniz, keçən il biz yenə bununla əlaqədar qərar qəbul elədik. Hər il də bununla bağlı dünya azərbaycanlılarına müraciət qəbul edirik. Ona görə mən xahiş edirəm, xarici ölkələrdə elə başa düşməsinlər ki, özləri Xocalı faciəsini genosid kimi qəbul eləmədikləri halda, bizə bunu soyqırımı kimi qəbul edin deyirlər. Biz bunu qəbul eləmişik, çox xahiş edirəm, başqa ölkələrin deputatları ilə söhbət edəndə də məsələ bu cür qoyulmalıdır.
İkincisi, bilirsiniz ki, son vaxtlar Türkiyə ilə Ermənistan arasında bağlanmış protokolların təsdiqi ilə bağlı çox ciddi məsələlər ortaya çıxıbdır. Ermənistanın Konstitusiya Məhkəməsi protokolları heç bir beynəlxalq hüquqi normaya sığmayan bir vəziyyətə gətirdi. Orada genosidlə, nə bilim, Türkiyəyə ərazi iddiaları ilə bağlı şərtlər qoyuldu. Əlbəttə ki, Türkiyə rəhbərlərinin dediyi kimi, bu, Türkiyə üçün heç cür qəbul edilə bilməz. Tamamilə haqlıdırlar.
Amma mən çox təəssüf edirəm ki, yenə də Minsk qrupunun həmsədrləri Ermənistana təzyiq göstərmək əvəzinə, – yəni beynəlxalq sənəd əgər imzalanıbsa, ona heç bir qeyd-şərt qoyula bilməz, – Türkiyəyə təzyiq edirlər. Türkiyənin dövlət rəhbərləri bu barədə kəskin bəyanat verdilər ki, Ermənistan genosid problemindən, Türkiyəyə qarşı ərazi iddialarından vaz keçməyincə və Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyincə bu protokollar ratifikasiya oluna bilməz. Əvəzində nə gördük? ABŞ Konqresi yenə genosid məsələsini müzakirə eləmək istəyir. Yaxşı, aprelin 24-ü hər il gələcək də, bu bir dəfə qurtarmır axı?! İndi hər il Türkiyənin başı ağrımalıdır? Hər il o, şantaj olunmalıdır? Üzr istəyirəm, sanki bu 24 apreli sağmal inək eləyiblər. Heç ermənilərin özünə də bəlkə bu, lazım deyil. Kiməsə Türkiyəyə təzyiq etmək sərf eləyirsə, 24 apreldən yapışır. Ona görə mən birinci növbədə ABŞ Konqresinə müraciət edirəm. İndi düzdür, deyirlər, oraya qar yağıb, işləmirlər. Yəqin, qar əriyəcək də. Həmkarlarıma müraciət edirəm ki, bu məsələdə obyektiv mövqe tutsunlar.
Türkiyə dəfələrlə müraciət edib ki, bir tarix komissiyası yaradılsın, bu, tarixin işidir. ABŞ Konqresinin işi deyil ki, 1915-ci ildə baş vermiş uydurma bir genosid məsələsinə baxsın. Əgər baxırsınızsa, 1915-ci ilə niyə gedirsiniz? 1992-ci ildə Xocalıda soyqırımı olub, niyə baxmırsınız? Dəfələrlə də müraciət eləmişik. Əgər siz haqq-ədalət tərəfdarısınızsa, buyurun, Xocalı soyqırımına qiymət verin. 1915-ci ildə uydurma erməni genosidini nə çəkən var idi, nə də göstərən. Amma indi şəkillər, video arxivlər ortada, hər şey televiziyada göstərilib. Hamıya məlumdur, bəs niyə bunu tanımırsınız? Ona görə mən onları bu cür ikili standartlardan uzaq olmağa çağırıram və əminəm ki, ABŞ Konqresi bu məsələyə baxmayacaq. Hər halda mən də istərdim ki, baxmasın. Hörmətli həmkarlarımıza, konqresmenlərə bununla əlaqədar müraciət eləmək istəyirəm.
Digər bir məsələ yenə də həmsədrlərin bu məsələdə konkret Ermənistana təzyiq göstərməməsi ilə bağlıdır. Bilirsiniz ki, danışıqlar indi, möhtərəm Prezidentimizin də dediyi kimi, son mərhələyə daxil olubdur. Yəni müzakirə olunacaq məsələlərin artıq son mərhələsidir. Amma yenə də Soçidə Ermənistan Prezidenti sərt mövqedən çıxış edib. Bu gün bir şey deyirlər, sabah gələndə mövqelərini tamamilə dəyişirlər. Mən başa düşürəm, Ermənistan müstəqil dövlət deyil. Hamı bilir ki, Ermənistan Rusiya Federasiyasının bir quberniyasıdır. Bu ölkənin rəhbəri konkret bir söz deyəndən sonra cəzalandırılır ki, sən bunu elə yox, belə deməli idin. Amma hər halda beynəlxalq birlik, digər dövlətlər var. Yəni həmsədr dövlətlər var. Onlar, nəhayət, Ermənistana deməlidirlər ki, siz beynəlxalq normaların prinsiplərini pozmusunuz, zəhmət çəkin, danışıqları Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparın. Ona görə mən çox istərdim, həmsədr ölkələrin rəhbərləri bilavasitə bu işlə məşğul olsunlar. Azərbaycan heç bir halda bu məsələnin uzadılmasını istəmir. Ölkə rəhbəri də bunu dəfələrlə deyibdir. Biz onun bəyanatını, mövqeyini müdafiə edirik. Əks halda məsələnin digər yolla həll olunması qaçılmaz olacaqdır. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ ol. Yarım saat keçdi. Məjlum Şükürov da danışsın, sonra gündəliyə keçək. Buyurun.
M. Şükürov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli həmkarlar, hörmətli mətbuat təmsilçiləri! Oqtay müəllim, Siz bayaq burada deyilənlərə bir irad tutdunuz. Həqiqətən, bu mövzudan çox danışıldı. Mən də baş verən bir hadisəni danışmaq istəyirəm. Bakı–Şamaxı yolunun qırxıncı kilometrində baş verən hadisələrin episentrinə mənim seçildiyim ərazidən olan vətəndaşlar düşmüşdülər. Onlar mənə müraciət etdilər. Mən Dövlət Yol Polisinin Müşfiq qəsəbəsindəki postuna buradan təşəkkür eləmək istəyirəm. Orada bir hadisə baş veribdir. Təsəvvür edin ki, göz-gözü görməyib, sərnişin avtobusundan 3 metr aralıda olan şəxsi avtomobilə sahibi gedib çata bilməyib. Hadisəyə çox yerində müdaxilə edilib. Mən o insanları xilas etdikləri üçün aidiyyəti qurumların hamısına təşəkkür edirəm.
Deyəcəyim ikinci məsələ isə Şəki Qarışıq Tipli Uşaq Evinin pedaqoji kollektivinin qaldırdığı bir problemlə bağlıdır. Bu problem ölkədə mövcud olan bütün analoji kollektivlərə xasdır. Öncədən qeyd edim ki, bu uşaq evlərində 3 yaşından başlayaraq 9-cu sinif yaş həddində olan yetim və valideyn himayəsindən məhrum olunmuş uşaqlar yaşayırlar. Söhbət nədən gedir? Söhbət həmin kollektivdə çalışan pedaqoji işçilərin, tərbiyəçilərin əmək haqları ilə onların həmkarlarının əmək haqları arasında olan fərqdən gedir. Təsəvvür edin ki, həmin tərbiyəçilərin dərs yükü həftədə 30 akademik saat, yəni 6 iş günü olduğu halda, onların həmkarlarınınkı 12 saatdır. Təxminən 3 dəfə fərq var. Bundan əlavə, onlar 5 gün, amma tərbiyəçilər 6 gün işləyirlər. Onların, yəni tərbiyəçilərin məzuniyyət günləri 42 təqvim günü olduğu halda, analoji olaraq təhsil sistemində çalışanlarınkı 56 iş günüdür. Bundan əlavə, təhsil sistemində müəllimlər əlavə imtiyazlara malikdirlər. Bayram günləri işləmirlər, 6-cı və bazar günlərini özlərinə sərf edirlər. Amma həmin günlərdə uşaq evinin tərbiyəçiləri ikiqat işləməli olurlar.
Sədrlik edən. Xahiş edirəm, bir az sakitlik olsun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, üzr istəyirəm, Gülhüseyn müəllim. 35 dəqiqə keçdi, hamı çıxış eləmək istəyir. Gələn dəfə yazılar, danışarsınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nə təhər? Sən 3 çağırış deputat seçilmisən, bilmirsən, necə yazılmaq lazımdır? Görürsən, ona görə şikayət olmasın. Gündəliyə keçirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, sonra. Bilirəm, yazılmışdınız, düşməyib. Sizdən qabaq yazılan insanlar var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nə barədə arayış verirsiniz? İndi mən Sizə söz versəm, o biri həmkarlar necə olsunlar? Mən xahiş edirəm, gündəliyin müzakirəsinə başlayaq. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir. Rəbiyyət xanım, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanuna, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanuna, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna əlavələr və dəyişikliklər təqdim olunur. Sözsüz ki, ilk öncə bu dəyişikliklərin hansı zərurətdən irəli gəlməsi məsələsinə münasibətimizi bildirməliyik.
Amma mən qanunlara bu əlavə və dəyişikliklərin təqdimatına keçməzdən əvvəl, bir neçə dəqiqə bundan qabaq Milli Məclisdə səslənən bir fikrə münasibətimi bildirmək istəyirəm. Burada, birinci, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində fəaliyyətinin genişləndirilməsi üçün onların qeyri-hökumət təşkilatlarının yaranması, bu təşkilatların təsisçisi olması kimi bir müddəanı müzakirə edəcəyik. Amma burada bir fikir səsləndi. Həmkarım Qüdrət Həsənquliyev hava şəraiti ilə əlaqədar danışarkən belə bir fikir səsləndirdi ki, bu gün Azərbaycanda səlahiyyətli orqanların rəhbərlərinin qanında türk qanı axmalıdır ki, onlar öz vəzifələrini, borclarını yerinə yetirsinlər. Bilirsiniz, hər birimiz azərbaycanlıyıq, hər birimiz bu dövlətin vətəndaşıyıq və heç kəsin kimisə türkçülükdə, yaxud qeyri-türkçülükdə ittiham etmək haqqı yoxdur. Burada müxtəlif milli azlıqların nümayəndələri var. Azərbaycanda ən böyük dövlətçilik ideologiyası azərbaycançılıqdır ki, onu da ulu öndərimiz bizə vəsiyyət edib və qorumağımızı tapşırıb. Səlahiyyət sahiblərinin, nazirlərin kim, hansı millətdən olmasının mövcud problemin həllinə heç bir dəxli yoxdur.
Vaxtilə bu Məclisdə “türkün türkdən başqa dostu yoxdur” ifadəsini səsləndirən adamlar sonradan anladılar ki, belə fikirlərlə cəmiyyəti münaqişələrə, gərginliyə gətirib çıxarırlar. Mən azərbaycanlıyam, qanımda da türk qanı axır. Ancaq mən bir daha onu demək istərdim ki, hörmətli həmkarlar, öz fikirlərinizi ifadə edəndə, burada oturanların və cəmiyyətdəki digər insanların hüquqlarının tapdalanmasına yol verməyin. Hələ bilmək olmaz, kim daha çox türkdür, hələ bilmək olmaz, kim dövlətinə daha çox sadiqdir və öz vəzifəsini daha çox sədaqətlə, etibarla yerinə yetirir. Bu baxımdan mən bu fikirlərimi həmkarım Qüdrət Həsənquliyevə ünvanlayıram.
İndi isə birinci məsələyə keçirəm. Görürsünüz, bilavasitə bununla əlaqədardır: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qeyri-hökumət təşkilatlarının təsisçisi olması. Bu gün Azərbaycan beynəlxalq hüquq məkanına daxil olduqca onun milli qanunvericiliyi də beynəlxalq standartlara tam uyğun gəlir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda olan ayrı-ayrı vətəndaşlar, yəni belə deyək, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də Azərbaycanın yurisdiksiyası altındadırlar. Biz 2002-ci ilin yanvarında Avropa Konvensiyasını ratifikasiya etdik, qanunvericiliyimizi Mülki və siyasi hüquqlar haqqında paktda olan müddəalarla zənginləşdirdik. Beləliklə, onlara da Azərbaycanın bütün vətəndaşlarının istifadə etdiyi hüquqlardan bəhrələnmək haqqı verdik.
Qeyri-hökumət təşkilatları haqqında əvvəlki qanunda belə bir müddəa yox idi. Bu da haqlı olaraq müəyyən narazılıqlara səbəb olurdu. Ancaq 2009-cu ilin iyun ayında Milli Məclisdə “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna əlavə və dəyişikliklər etdik. O müddəaları zənginləşdirdik və Azərbaycanda fəaliyyət göstərən bu insanlara – əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də bu hüququ verdik. Bununla da onların cəmiyyətə inteqrasiyasını təmin etdik, onların vətəndaş təşəbbüslərinin artmasına yardımçı olduq. Bu da Azərbaycanın demokratik prinsiplərə sadiqliyinin bariz nümunəsidir.
Burada həmkarımız Azay Quliyev əyləşib. O, yəqin ki, Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nə qədər qeyri-hökumət təşkilatının yaradılması və fəaliyyəti haqqında bizə məlumat verə bilər. İnanıram ki, bu bizim üçün çox lazımdır. Belə bir sənədin qəbul olunması, bir daha təkrar edirəm, olduqca vacibdir, konstitusion hüquqların gerçəkləşməsidir. Bu dünyada baş verən hadisələrə, xüsusilə də miqrasiya hadisələrinə Azərbaycanın milli qanunvericiliyinin çevik reaksiyasının təzahürüdür.
Sonra, Mülki Məcəlləyə edilən dəyişikliklər var. Mülki Məcəlləyə edilən dəyişikliklər, yəni “qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir” ifadəsi bura bir dəqiqlik, müəyyənlik gətirir.
Digər bir məsələ fondlarla bağlıdır, fondlar ilə əlaqədar cəmiyyətdə müxtəlif fikirlər var idi. Əgər yadınıza gəlirsə, hətta onun nizamnamə kapitalının böyük bir məbləğ təşkil etməsi məsələsi cəmiyyəti narahat edirdi. Bu gün “10 min manatdan az olmamalıdır” ifadəsi həmin müddəanı zənginləşdirir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi də burada öz əksini tapır. Mən istərdim, bir cəhəti deyim. Bu, qeyri-hökumət təşkilatlarını yaradan əcnəbilərin ayrı-ayrı filiallarda və ya nümayəndəliklərdə müavinlərinin azərbaycanlı olması problemidir. Olsun, biz bununla da razıyıq. Bu, beynəlxalq praktikadır və Azərbaycan da beynəlxalq praktikadan bəhrələnir.
Digər bir məsələ. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda bir məqam var. Bu da qeyri-hökumət təşkilatının təsisçisinin nə qədər zamandır Azərbaycanda yaşaması ilə əlaqədar müəyyən sənədlərin təqdim olunması ilə bağlıdır. Yəni bu sənəd təsdiq və təqdim olunmalıdır. Ancaq hörmətli həmkarlarıma da istərdim tövsiyə edim ki, bu zaman müddəti, yəni onun 3 il, 5 il, 10 il, nə qədər Azərbaycanda yaşaması, Azərbaycan gerçəkliyində fəaliyyət göstərməsi dəqiqləşdirilsin. Sözsüz ki, bu, kifayət qədər vacib sənəddir. Bununla əlaqədar, yəqin ki, sizlər öz münasibətinizi bildirəcəksiniz. Azərbaycanda qeyri-hökumət təşkilatları artıq 15 ildən çoxdur, fəaliyyət göstərir və özünün çox mürəkkəb təsdiq yolunu keçib. Zaman var idi ki, qeyri-hökumət təşkilatlarına münasibətdə digər məqamlar üzə çıxırdı. Ancaq Azərbaycanın qeyri-hökumət təşkilatları bu gün sübut etdilər ki, onlar dövlətçiliyə sadiq, Azərbaycanda demokratik təsisatların yaranmasında aktiv rol oynayan, hər bir Azərbaycan vətəndaşının cəmiyyətdə iştirakını təmin edən qurumlardır, demokratik təsisatlardır.
Bir sözlə, artıq Azərbaycanda üçüncü sektor özünü təsdiq etdi. Belə olan halda bizim əcnəbiləri və yaxud vətəndaşlığı olmayan şəxsləri bu sektora daxil etməyimizə heç bir maneə yoxdur. Bir daha təkrar edirəm, dünyada mövcud olan praktikanın Azərbaycanda reallaşması üçün biz bunu qəbul edəcəyik və onlara heç bir maneə yaratmaq arzusunda deyilik. Sonrası, yəqin ki, bizim qəbul etdiyimiz qanundan asılı olacaq. Hörmətli həmkarlarım, mən sizi bu qanunlara edilən əlavə və dəyişikliklərə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Rəbiyyət xanım, biz bu qanunu qəbul etmişdik, indi bəzi dəyişikliklər edəcəyik. Onsuz da qəzetlər məhdudiyyətlərdən yazırlar. Ona görə mən hesab edirəm ki, burada il söhbəti olmalı deyil. Məhdudiyyətsiz, yəni bu, daimi yaşamaq hüququ olan adam olmalıdır. Ona heç qayıtmaq da lazım deyil. Vahid Əhmədov, sualınız var, buyurun.
V.Əhmədov. Mənim Rəbiyyət xanıma iki sualım var. Birincisi, 53.3-cü maddəyə təklif olunan variantda qeyd olunur ki, təsisçilərinin əcnəbilər və xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Yadınıza gəlirsə, biz “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda da belə bir dəyişiklik etdik. Həmin dəyişiklik cənab Prezident tərəfindən geri qaytarıldı, ona veto qoyuldu. Ümumiyyətlə, hüquqi şəxs olmayan bu filial və nümayəndəliklərə müavinlər təyin olunmasının nə əhəmiyyəti var? Bu, hüquqi şəxs deyil. Onların özlərinin hesabları, heç bir hüquqları yoxdur və sair. Xarici hüquqi şəxsə biz bunu etsək, o, başqa məsələ. Ona görə də bunun nə dərəcədə əhəmiyyətli olmasını mən başa düşə bilmirəm.
İkinci, 5.4.8-ci maddədə belə bir hissə var. “Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd”. Əgər hələ hüquqi şəxs statusu verilməyibsə və qeydiyyatdan keçməyibsə, onun müavinlərinin təyin olunması barədə hansı sənəd ola bilər? Oraya nümayəndəliklər təyin olunmayıb. Birinci, hüquqi şəxs təyin olunmalıdır, o, qeydiyyatdan keçməlidir, sonra nümayəndəliklər açıla bilər. Yəni sabah bu, maneə törədə bilər. Deyəcəklər ki, nazirlikdən sənəd gətirin, görək, nümayəndəliklərin müavinlərini azərbaycanlı təyin etmisinizmi? Amma nümayəndəliklər hələ yoxdur. Olmayan yerdə bu sənədi niyə tələb edirlər, başa düşə bilmirəm. Xahiş edirəm, aydınlıq gətirin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F. Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən istəyirəm, qısaca qeydlərimi bildirəm. 20-ci maddə ilə bağlı Oqtay müəllim qeyd etdi. Əcnəbi, vətəndaşlığı olmayan şəxslərə vətəndaşlıq alandan sonra, heç olmasa, bir il simvolik müddət qoyulsun ki, bu müddət ərzində onların ölkədəki fəaliyyətinin nədən ibarət olduğunu araşdırmaq mümkün olsun. Ondan sonra onlar hüquqi şəxs yaratmaq imkanına sahib olsunlar. Bu, 6 ay da ola bilər. Ən azı simvolik bir müddətin qoyulması vacibdir.
İkinci, 50.1.1-ci maddədə göstərilir ki, qeyri-hökumət təşkilatlarının adında Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz. Bu “görkəmli şəxsiyyətlər” ifadəsinin açılışı olduqca mürəkkəbdir. Mən nəyi təklif etmək istəyirəm? Burada qeyd olunur ki, onların yaxın qohumlarının və vərəsələrinin icazəsi olmadan. Məsələn, Molla Pənah Vaqif, Mirzə Kazımbəy, Abbasqulu ağa Bakıxanov. Vərəsəsi yoxdur, tutaq ki, qohumu da yoxdur, onda necə icazə alınacaq? Ona görə təklif edirəm, bu formada yazılsın: Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından onların yaxın qohumlarının və vərəsələrinin, onlar olmadıqda isə müvafiq dövlət orqanının icazəsi olmadan istifadə edilə bilməz. Yəni ən azı müvafiq dövlət orqanına səlahiyyət verilsin ki, varislər olmadıqda buna müdaxilə edə bilsin.
53.3-cü maddədə filial və nümayəndəliklərin rəhbərlərinin müavinləri məsələsi göstərilir. Bəlkə qeyri-hökumət təşkilatı yaradıb, amma heç müavin ştatı nəzərdə tutulmayıb. Onda necə olsun? Biz əgər burada onlara nəzarəti düşünürüksə, ya təsisçilikdə bunu nəzərdə tutmalıyıq, ya da qeyri-hökumət təşkilatının məsul vəzifələrinin birində mütləq Azərbaycan vətəndaşının olması tələbini qoymalıyıq. Biz orada “müavin” sözünü yazarıq, amma sabah nizamnamədə müavinlik nəzərdə tutulmaz. Onda bu maddə boşuna yazılmış olacaqdır. Mən dəqiqləşdirmədən sonra bu dəyişikliklərin qəbul olunmasına tərəfdaram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlarım, əziz mətbuat nümayəndələri! Bu gün 5 qanuna edilən əlavə və dəyişikliklər bilavasitə qeyri-hökumət təşkilatlarını əhatə etdiyinə görə istədim, bu istiqamətdə fikirlərimi bildirim. Əvvəla, mən istərdim, hörmətli Rəbiyyət Aslanovanın qaldırdığı məsələyə və qoyduğu suala aydınlıq gətirim. Məlumunuz olsun ki, hal-hazırda Azərbaycanda 2483 qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıbdır. Bundan başqa, bugünkü günə qədər təsisçiləri əcnəbilər, yaxud da xarici hüquqi və fiziki şəxslər olan 106 filial və nümayəndəlik qeydə alınıbdır. Amma hörmətli Rəbiyyət xanım, konkret olaraq əcnəbilərin təsisçiliyi ilə bağlı, yəqin ki, bu müddəadan sonra statistika aparılacaq. Məndə olan məlumata görə bu hal çox azdır.
Bu gün biz, Sizin də qeyd etdiyiniz kimi, çox önəmli bir təkliflə çıxış edirik və daimi yaşamaq hüququ olan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə QHT-lər təsis etmək hüququ veririk. Bu müddəa Azərbaycanda vətəndaşlığı olmayan şəxslərin QHT sektorunda fəaliyyətinə xüsusi bir imkan yaratmaq missiyasını üzərinə götürür. Mən hesab edirəm, bu, alqışlanmalıdır. Bütövlükdə isə bilirsiniz ki, bu müddəaların hamısına keçirdiyimiz Milli Məclisin 30 iyun tarixli iclasında ətraflı şəkildə baxılmışdır və qəbul edilmişdir. Mən bəri başdan deyirəm ki, bu müddəaların heç biri QHT sektorunun fəaliyyətinə hər hansı bir formada məhdudiyyət yaratmır, mövcud qanunvericiliyi daha da təkmilləşdirir, müəyyən boşluqları aradan qaldırır. Bununla yanaşı, əlbəttə ki, bu müddəaların özündə də bəzi hallar var. Bunların bəzilərinə həmkarlarım münasibət bildirdilər, mənim də bununla bağlı bir neçə təklifim olacaq. Müəyyən narahatçılıqlar var ki, guya qanunvericiliyə əcnəbilərlə bağlı xüsusi müddəalar və yaxud onların fəaliyyətini məhdudlaşdıran bəndlər əlavə edilir. Siz də gördünüz, təqdimatda da səsləndi, belə bir şey yoxdur.
Konkret müddəalara gəldikdə isə Mülki Məcəllə ilə bağlı əlavə və dəyişikliklər olunur. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi ilə bağlı müddəa var. QHT sektorunun fəaliyyətini yaxından izləyən hər bir şəxs bilir ki, belə hallar var, mövcuddur. Bəzən görürsən ki, bir QHT hər hansı bir dövlət qurumunun missiyasına, vəzifəsinə aid olan müəyyən fəaliyyətdə bulunur və onların fəaliyyətinə müdaxilə edir. Əlbəttə, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün geniş bir arena var, amma bu o demək deyil ki, hər hansı bir dövlət orqanının funksiyasını üzərinə götürmək mümkün olsun.
Bundan başqa, mən həmkarlarımın diqqətini bir məsələyə cəlb etmək istəyirəm. Məsələn, Mülki Məcəllədə “qeyri-kommersiya təşkilatları”, başqa qanunlarda “qeyri-hökumət təşkilatları” gedir. Baxmayaraq, bunların hər ikisi mahiyyət etibarilə eyni qurumu nəzərdə tutur, düşünürəm ki, bu uyğunsuzluğu aradan qaldırmaq lazımdır. Baxın, Mülki Məcəllədə və bizim digər qanunvericilikdə hər yerdə “qeyri-kommersiya təşkilatı” gedir, amma maddənin davamı olaraq “qeyri-hökumət təşkilatı” yazılır. Əlbəttə, bu gün “qeyri-hökumət təşkilatı” termin olaraq artıq Azərbaycanda və beynəlxalq qanunvericilikdə öz yerini tapıbdır. Gələcəkdə qanunvericilikdə “QHT” terminindən istifadə olunması daha məqsədəmüvafiq hesab olunmalıdır.
50.1.1-ci maddədə “qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adından istifadə edilə bilməz” müddəası var. Mən hörmətli həmkarım Fazil bəylə tam razıyam, ümumiyyətlə, aydınlaşdırılmalıdır ki, görkəmli şəxslər deyəndə kim nəzərdə tutulur? Əlbəttə, bizim tarixi şəxsiyyətlərimiz var və bayaq burada qeyd olundu ki, bu necə olacaq? Əgər kimsə Nizami adına fond yaratmaq istəyirsə, Füzulinin adını əbədiləşdirmək istəyirsə, onun vərəsələri kimdir və bu məsələ necə tənzimlənməlidir? Fazil müəllim ağlabatan təklif verdi ki, bəlkə bunu müvafiq dövlət qurumlarının öhdəsinə buraxaq.
Burada müavinlərlə bağlı məsələ səsləndirildi. Burada, əlbəttə ki, söhbət əcnəbilər və ya xarici hüquqi şəxslərin olduğu qeyri-hökumət təşkilatlarının filiallarından gedir. Burada əgər hər hansı bir hüquqi şəxs təsisçi qismində çıxış edirsə, həmin halda müavin məsələsi daha asanlıqla həll oluna bilər. Düzdür, burada qeydiyyat məsələsi əvvəl və ya sonra müzakirə oluna bilər. Amma istənilən halda belə bir president Azərbaycan qanunvericiliyində var. Bizim Seçki Məcəlləsində qeyd olunur ki, xarici hüquqi və fiziki şəxslər yalnız Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə, xüsusilə qeyri-hökumət təşkilatları ilə birgə Azərbaycanda seçkiləri monitorinq edə bilər. Mənə elə gəlir ki, bu da, yəqin, bundan qaynaqlanır. Bu həm də Azərbaycanda fəaliyyət göstərən xarici fiziki şəxslərin fəaliyyətinin daha şəffaf şəkildə qurulmasına köməklik edə bilər.
Burada fondla bağlı müddəa var. Nizamnamə kapitalı 10 min manat göstərilir. Əlbəttə, bu müddəa çox önəmlidir. Amma hesab edirəm ki, bu rəqəmi artırmaq da olar. Keçən dəfə də iclasda dedim ki, Avropa ölkələrində fondun ilkin kapitalı 100 min avroya qədər dəyişir. O baxımdan 10 min manat o qədər də böyük məbləğ deyildir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla bağlı müəyyən müddəalar var, bunlara geniş vaxt ayırmaq istəmirəm. Amma istəyirəm, QHT-lərin qanunvericilik çərçivəsində maliyyə hesabatı verməsi ilə bağlı məsələni diqqətinizə çatdıram. Ümumiyyətlə, bu hesabatın bir məqsədi var ki, Azərbaycanda QHT sektoru tam şəffaf və aşkar şəkildə fəaliyyət göstərsin. Amma bizim QHT-lərlə apardığımız görüşlərdə məlum oldu ki, ümumiyyətlə, QHT-lər buna etiraz etmirlər. Amma bunları narahat edən müəyyən məsələlər var. Bu, həmin hesabatın məzmunu, genişliyi və eyni zamanda, hesabatın müəyyən səbəbdən vaxtında verilmədiyi təqdirdə tətbiq olunan cərimə sanksiyasının məbləğinin yüksək olması ilə bağlıdır. Bilirsiniz ki, 2500 manata qədər cərimə sanksiyası tətbiq oluna bilər. Mən hesab edirəm, bunun ən yaxşı yolu budur ki, QHT hesabatı vaxtında versin. Amma hər hansı bir obyektiv səbəbdən bu baş tutmadıqda, bu qədər böyük məbləğin tətbiqinə də, məncə, gedilməməlidir. Çünki QHT-lər bundan əziyyət çəkə bilərlər. Digər tərəfdən, onu da deyim ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası artıq Maliyyə Nazirliyi ilə birgə bu hesabatın verilməsi ilə bağlı müəyyən mexanizmlər işləyib hazırlayıbdır. Düşünürəm ki, aprel ayının 1-nə qədər qeyri-hökumət təşkilatları bu hesabatları vaxtında verə biləcəklər.
Mən fürsətdən istifadə edib bir məsələni də demək istəyirəm. Bu da “Qrant haqqında” Qanuna edilən dəyişikliklə bağlıdır. Bilirsiniz ki, bizim son dəyişikliklər, əsasən, dövlət büdcəsindən vəsaiti ayıran orqan, yaxud da donor bu qrant müqaviləsi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Bu çox doğru bir qərardır ki, bunu QHT yox, məhz həmin pulu ayıran orqan verir. Amma burada bir şey unudulub. Çünki bu donor bəzən birgə layihələr nəticəsində digər qurumlarla, beynəlxalq təşkilatlarla maliyyə yardımını həyata keçirir. Mənə belə gəlir, biz gələcəkdə baxmalıyıq ki, birgə layihənin də nəticəsi ilə bağlı dövlət qurumu qrant müqavilələri haqqında Ədliyyə Nazirliyinə məlumat versin.
Qrant müqaviləsindən söhbət düşmüşkən bir məsələni də deyim. Bu, QHT-ləri çox ciddi narahat edir. Bilirsiniz ki, bu gün qaydalara əsasən qrant müqaviləsi mütləq şəkildə notarial qaydada təsdiq olunduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunmalıdır. Mən hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Çünki burada dövlətin məqsədi qrantların notarial qaydada təsdiqi yox, onların uçotunu aparmaqdır. Ona görə mənə elə gəlir ki, bu proses sadələşməlidir və biz bu uçotu aparmaqla QHT-lər vasitəsilə ölkəyə daxil olan qrantların istifadə istiqamətlərini müəyyənləşdirə bilərik. Bütövlükdə mən hesab edirəm ki, təqdim olunan əlavə və dəyişiklikləri məhz ayın 30-da müzakirə etdiyimizə görə, geniş dinləmələrə ehtiyac yoxdur. Cənab Sədr, mən təklif edirəm, qanun layihəsini səsə qoyasınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Mən qısa danışacağam və deyəcəyim məsələni məndən öncə danışan hörmətli Azay müəllim də, hörmətli Fazil müəllim də qaldırdı. Qeyri-hökumət təşkilatlarına Azərbaycanın görkəmli şəxslərinin adının verilməsi ilə bağlı onların dedikləri fikirlərlə razıyam. Həm görkəmli şəxslər kimdir, onu müəyyən etmək çətindir, həm də vərəsə tapmaq məsələsi də məlum deyil. İkinci tərəfdən məni maraqlandıran odur ki, bu görkəmli şəxslərin adını niyə qoymaq olmaz axı? Əgər bu, görkəmli şəxsdirsə, ictimai xadimdirsə, artıq bu, ailənin təsir dairəsindən çıxıb, bütöv cəmiyyətindir, Azərbaycan xalqınındır. Əgər bu, xoş məramla qoyulursa, biz niyə buna qadağa qoyuruq?
Digər tərəfdən, biz bu təşkilatlara öz görkəmli şəxslərimizin adlarını qoymağa qadağa qoyaraq Marksın, Kantın, Barak Obamanın, Klintonun və Monikanın adlarını qoyacağıqsa, onda necə olacaq? Yaxud dünyada adları birmənalı qarşılanmayan, Azərbaycan xalqına düşmən olan adamların, şəxslərin adlarını gətirib qoya bilərlər. Onda nə olacaq? Mən təklif edirəm ki, qeyri-hökumət təşkilatı yaradan şəxsin özünün familiyasından başqa qalan adların qoyulması, ümumiyyətlə, qadağan edilsin. Qeyri-hökumət təşkilatına mütləq şəxs adlarının qoyulması vacibdirmi? Şəxs adları, ümumiyyətlə, qoyulmasın. Onda mən düşünürəm ki, bu problem öz həllini tapar. Qalan bütün məsələlərlə razıyam və qanun layihəsinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əslində, mən də söhbətimi bayaqdan ətrafında mübahisə gedən maddənin üzərində quracağam. Birincisi, mən daha çox təklif etmək istərdim. Təbii ki, “görkəmli” sözü bizdə həmişə xüsusi həssaslıqla qəbul olunur. “Görkəmli” sözünün içərisinə o icra qurumu hansı şəxsiyyətləri əlavə edəcəksə, onda bir xeyli narazılıq yaranacaq. Hamı, bir çox insanların davamçıları, nəsilləri, ailələri hesab edəcəklər ki, onun yaxını da görkəmli şəxslərdəndir, ora əlavə olunsun. Bəlkə bunu bir az da yumşaldaraq “Azərbaycanın tanınmış şəxsləri” – deyək. Çünki söhbət təkcə görkəmli şəxsiyyətlərdən getmir. Bayaq Musa müəllim dedi, buna nə ehtiyac var? Amma biz görürük ki, bəzi qeyri-hökumət təşkilatları respublikanın dövlət orqanlarının və yaxud da görkəmli şəxsiyyətlərin adlarından istifadə edərək xoşagəlməyən işlərlə məşğul olurlar. Təbii ki, bu çox narahatlıq doğurur. Xüsusilə də bu həmin görkəmli şəxsin nəslinin davamçılarının çox böyük narazılığına səbəb olur. Biz mətbuat səhifələrindən belə narazılıqların dəfələrlə şahidi olmuşuq. Ona görə də hesab edirəm ki, biz qanunvericilikdə bunu tənzimləməliyik. Amma bunu tənzimləyən zaman bəlkə “görkəmli”ni “tanınmış” edərək bu çərçivəni bir az genişləndirə bilərik.
Bir də, Fazil bəy çox doğru buyurdu ki, Azərbaycanın bir çox görkəmli şəxsiyyətlərinin çox təəssüf ki, vərəsələri, yaxın qohumları yoxdur. Ona görə məsələni təkcə bunun üzərinə qoysaq, sabah o adam təşkilata həmin şəxsiyyətin adını verən zaman deyə bilər ki, onun vərəsəsi, yaxın qohumları yoxdur. “Yaxın qohum” çox qəribə anlayışdır, çünki yaxın qohum bir nəsil sonra daha da uzaqlaşır. Bəzən də qohumlar çox olurlar. O adam deyə bilər ki, mən bütün qohumlardan deyil, birindən icazə almışam. O biri qohum da deyə bilər ki, mən icazə verməmişəm. Sabah çox xoşagəlməz məsələlər ortaya çıxa bilər. Ona görə bəlkə biz bura “müvafiq icra hakimiyyəti orqanı” yazaq. Deyə bilmərəm, bunu gələcəkdə Mədəniyyət Nazirliyi, yoxsa Ədliyyə Nazirliyi müəyyənləşdirəcək, amma burada məsələnin öz əksini tapması lazımdır. Sabah kimsə bəhanə edib deməsin ki, vərəsə, yaxın qohum yox idi, ona görə mən bu adı verdim. Bu “yaxın qohum” ifadəsinin əvəzinə də “qohumlar” yazmaq olar. Çünki yaxın qohumlar məsələsi sabah narazılıq yarada bilər. Biri deyəcək ki, mən daha yaxın qohum idim, icazə vermədim, amma o verdi. Bu prosedurda müvafiq icra hakimiyyəti olsa, biz bu cür problemləri gələcəkdə aradan qaldıra bilərik. Biz icazə verməməliyik ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adından kimlərsə pul qazanmaq, özünün müəyyən məqsədlərini həyata keçirmək üçün istifadə etsinlər. O insanların adlarının xoşagəlməz məsələlərdə hallanmasına yol verməməliyik. Ona görə mən bu maddəni dəstəkləyirəm, amma hesab edirəm ki, bu məsələdə dəyişikliyin edilməsinə çox ehtiyac var.
Müavin məsələsi ilə bağlı təklifləri də dəstəkləyirəm. Bəlkə biz bu məsələyə daha ciddi şəkildə baxaq. Amma mən bunu dəstəkləyirəm. Bəli, Azərbaycan vətəndaşı olan insanlardan birinin o təşkilatda müəyyən vəzifə tutması Azərbaycan dövlətinin təhlükəsizliyi baxımından çox önəmli bir məsələdir.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Ziyafət müəllim, bayaq vaxt çatmadı, ona görə də fürsətdən istifadə edib bir məsələni demək istəyirəm. Siz çox vacib və önəmli bir məsələyə toxundunuz. Yenə aprelin 24-ü gəlir və yenə Türkiyənin üzərinə qondarma erməni soyqırımı ilə bağlı Konqres, müxtəlif ölkələrin parlamentləri tərəfindən hədələr, təzyiqlər, basqılar artır. Təbii ki, biz bunu yalnız Türkiyəyə edilən təzyiqlər kimi qəbul etməməliyik. Bu həm də bizə olan təzyiqlərdir. Çünki Azərbaycan vətəndaşı olan heç bir insan razılaşa bilməz ki, yalan, yanlış iddialarla onun millətinin ünvanına xoşagəlməz ifadələr işlədilsin və olmayan hadisələrdə onu günahlandırsınlar. Siz Konqresə öz müraciətinizi etdiniz. Mən hesab edirəm ki, millət vəkilləri olaraq hamımız aprelin 24-dən xeyli əvvəl bu müraciəti edəriksə, daha yaxşı olar. Parlamentin adından konqresmenlərə müraciət edək ki, bunlar yalan iddialardır, doğru deyil. Siz bu yalan iddiaları dəstəkləməklə, ədalətsizlik etməklə yanaşı, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi obyektiv mövqe tutmaq əvəzinə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə kölgə salırsınız. Siz bununla göstərirsiniz ki, birtərəfli mövqe tutursunuz, ədalətsizliyi dəstəkləyirsiniz. Mən hesab edirəm ki, aprelin 24-dən xeyli əvvəl millət vəkillərinin adından bu müraciəti əsaslandırılmış şəkildə göndərmək çox önəmli olardı.
Mən bu tribunadan demək istəyirəm ki, bir müddət əvvəl biz – Azərbaycan parlamentinin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında olduq. Biz orada da görüşlərimiz zamanı bir çox məsələləri diqqətə çatdırdıq. Mən istəyirəm ki, buradan bizim diaspor qurumlarına səslənim. Ziyafət müəllim, Sizin dediyiniz kimi, bu məsələdən öz maraqları üçün məharətlə istifadə edirlər. Ona görə mən bizim Avropa ölkələrində, xüsusilə Amerika Birləşmiş Ştatlarında olan insanlarımızı yaşadıqları bölgələrdə fəal olmağa çağırıram. Öz bölgələrinin konqresmenlərinə müraciət etsinlər, görüşsünlər, bu məsələ ilə bağlı fikirlərini çatdırsınlar. Bu məsələdə onların nə qədər böyük ədalətsizlik etdiklərini vurğulasınlar və bunun bölgədəki vəziyyətə, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə nə qədər mənfi təsiri olduğunu göstərsinlər. Onların daha çox fəal olmasına ehtiyac var. Bizim müraciətimiz önəmlidir, amma Amerika Birləşmiş Ştatlarının, Fransanın, digər ölkələrin vətəndaşı olan insanlarımızın çəkisi xüsusilə böyükdür, çünki onlar səs vermək hüququna malikdirlər. Ona görə mən onlara səslənirəm ki, aprelin 24-dən əvvəl fəallığı artırsınlar. Xüsusilə bu dönəmdə daha fəal olsunlar, çünki o protokolların keçməsi üçün hər cür vasitəyə əl atırlar. Biz ümid edirik, inanırıq ki, Türkiyə dövləti buna razı olmayacaq. Biz də bu təzyiqlərin azaldılması istiqamətində əlimizdən gələni etməliyik. Sizin təklifinizi dəstəkləməklə yanaşı, millət vəkilləri olaraq hamımız o təklifə qoşuluruq. Bunun konqresmenlərə rəsmi müraciət kimi göndərilməsi çox yaxşı olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Qüdrət müəllim, Sizə söz verməzdən əvvəl iki məsələyə aydınlıq gətirmək istəyirəm. Bu məsələlər qanun layihəsi ilə bağlıdır. Bayaq Fazil müəllim qeyd etdi ki, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər qeyri-hökumət təşkilatlarının filialını yaratmaq istəyirlərsə, onlara bu şərait, heç olmasa, bir il simvolik olsa da, vətəndaşlıq aldıqdan sonra yaradılsın. Amma mən bir məsələni demək istəyirəm. Fazil müəllim, “Vətəndaşlıq haqqında” Qanuna görə onsuz da onlar 5 il oturaqlıq senzi keçəndən sonra vətəndaşlıq alırlar. Yəni Azərbaycanda xarici vətəndaş, vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığı alırsa, o ən azı 5 il Azərbaycanda daimi yaşamalıdır. Daha o biri məsələyə ehtiyac qalmır.
Burada müavin məsələsinə toxunuldu. Bayaq burada məsələ qalxdı ki, əgər xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs bölgələrdə filialların nümayəndəliklərini yaradırsa, bəlkə orada müavin ştatı nəzərdə tutulmayacaq. Əgər qanunda bu yazılırsa, deməli, tutulmalıdır. Bu artıq imperativ norma olacaq.
Yaxın qohumlar məsələsini Qənirə xanım qaldırdı. Qənirə xanım, hesab edirəm ki, burada bir anlaşılmazlıq olmayacaq, çünki “yaxın qohumlar” anlayışı bizim Konstitusiyamızda və Mülki Məcəllədə var. Burada problem yoxdur. Amma problem başqa bir məsələdə ola bilər. Məsələn, görkəmli şəxsiyyətlər kimlərdir, kimlərə tanınmış şəxslər deyək? Güman edirəm ki, qanun qəbul olunandan sonra Nazirlər Kabineti öz qərarı ilə buna aydınlıq gətirə bilər, çünki bu, qanunun predmeti deyil. Əgər biz bura görkəmli şəxslərin adlarını yazsaq, xeyli vaxt aparar. Ona görə konkret meyar, yəqin ki, cənab Prezidentin fərmanından sonra Nazirlər Kabinetində müəyyən ediləcək. Qüdrət müəllim, buyurun.
Q. Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Məni narahat edən məsələləri Vahid müəllim və Azay müəllim qaldırdılar. Ziyafət müəllim, sağ olun ki, bəzi məsələlərlə bağlı arayış verdiniz. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, bu qanun layihələrinin Milli Məclisdə təqdim olunması bir nüfuz qazanmaq məsələsi deyil. Bunu təqdim edən şəxs ən azından qanunu öyrənməlidir, məsuliyyət hiss etməlidir. Bəzən bilib-bilmədiyi şeylərdən uzun-uzadı danışmaq əvəzinə arayış verməlidir ki, suallara və əlavə müzakirələrə ehtiyac qalmasın. Xahiş edərdim, bundan sonrakı məruzəçilər bunu nəzərə alsınlar. Mən hesab edirəm ki, Ziyafət müəllimin arayışından sonra geniş müzakirəyə ehtiyac yoxdur, qanun layihəsinə səs vermək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Təkid edən varmı? Mən elə başa düşürəm, hamı eyni şeydən danışır, bir razılığa gəldik. Əli müəllim, Sizin sözünüz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri (saat 13.17 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0 
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
İkinci məsələ “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədədir. Qanun layihəsi barədə Rəbiyyət xanım Aslanova məlumat verir. Buyurun, Rəbiyyət xanım.
R. Aslanova. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə bir neçə qanuna, daha doğrusu, beş qanuna əlavələr və dəyişikliklər edilməsi haqqında layihə təqdim olunur. Bunlar “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavələr və dəyişiklik edilməsi barədə qanun layihəsidir.
Qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl bir neçə məsələni diqqətinizə çatdırmaq istərdim. Layihə bizim komitədə müzakirə olunub. Bizim komitədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri məsələyə öz münasibətini bildiriblər. Ancaq komitənin iclası ilə əlaqədar kütləvi informasiya vasitələrində düzgün olmayan qeyri-obyektiv münasibət səslənib. Bizim komitənin xarakterini bilirsiniz, burada təmsil olunan müxalifət nümayəndələri, əsasən, bizim komitədədir. Guya onlar bu məsələyə öz münasibətini bildirməyiblər. Yox, məsələ belə deyil. Məsələ ondadır ki, onlar bu sənədin parlamentin plenar iclasına təqdim olunmasına səs veriblər. Yəni həmin insanlar buradadırlar və onların heç biri deməyib ki, bu sənəd plenar iclasa təqdim olunmasın. Bu baxımdan mən çox istərdim ki, mətbuata hər hansı bir məlumatı ötürən insanlar bir az obyektiv olsunlar və məsələni dəqiqləşdirdikdən sonra ona münasibət bildirsinlər.
Bu gün bu məsələ ilə əlaqədar fərqli fikirlər ola bilər. Biz bunu çox normal qəbul edirik. Amma söhbət nədən gedir? Söhbət ondan gedir ki, ötən il, yəni 2009-cu il martın 18-də Konstitusiyamıza əlavə və dəyişikliklərlə bağlı referendum keçirdik. Bu böyük bir islahat idi, Konstitusiya islahatı idi. Konstitusiya islahatları isə Azərbaycan xalqının gələcək demokratik inkişafında mühüm addım oldu, sosial, iqtisadi, siyasi, hüquqi islahatların keyfiyyətcə yeni mərhələdə davamının əlverişli təminatını yaratdı. Hüquqi baxımdan bu yeniliklər Konstitusiyanın bir çox normalarını zənginləşdirdi, əsasən, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində dövlətin məsuliyyətini artırdı.
Hər birimiz həmin günləri xatırlayırıq. Məhz Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin ikinci hissəsinə edilən dəyişikliklər referenduma çıxarılan məsələlərdən biri idi. O da ümumxalq səsverməsi yolu ilə təsdiq olundu. Orada olan həmin müddəanı bir daha sizin nəzərinizə çatdırıram. Hər bir kəs Konstitusiyanın bu müddəalarını çox gözəl bilir, ancaq bir daha bunu diqqətinizə çatdırmaq istəyirəm. “Şəxsi toxunulmazlıq hüququ” adlanan 32-ci maddənin 3-cü hissəsində yazılır: “Qanunla müəyyən edilən hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.
Bu, vacib tələbdir və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışdır. Konvensiyanın 10-cu maddəsinin ikinci hissəsini də sizin nəzərinizə çatdırmaq istəyirəm. Bu maddə “İfadə etmək (ekspression) azadlığı” adlanır. Orada da yazılır: “Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formalıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. Avropa Konvensiyasının həmin müddəasının Azərbaycan Konstitusiyasında təsbit olunması və bununla əlaqədar ayrı-ayrı qanunlarda onun əksini tapması zərurətdir, tələbdir. Hesab edirəm ki, bununla əlaqədar hər hansı başqa fikir ola bilməz. Çünki vətəndaşın təhlükəsiz yaşamaq arzusunu ifadə edir, Azərbaycan vətəndaşının şəxsi toxunulmazlıq hüququnun gerçəkləşməsini önə çıxarır. Bununla əlaqədar ayrı-ayrı qanunlarda bu müddəanın olması vacibdir.
Qanun qəbul edilməmişdən qabaq kütləvi informasiya vasitələrinin nümayəndələrinin diqqətinə bir məqamı çatdırmaq istərdim. 1926-cı ildə Beynəlxalq Jurnalistlər Federasiyasının qəbul etdiyi sənəd var və kifayət qədər gözəl bir sənəddir. Həmin sənəddə bu gün dediyim müddəalar da öz əksini tapıb: “hər bir şəxsin razılığı olmadan onun haqqında məlumatların toplanması jurnalistin etik kodeksinə ziddir”. Yaxud Beynəlxalq və Regional Jurnalistlər Təşkilatının 1984-cü ildə Parisdə və Praqada keçirilən toplantısının sənədlərində də həmin müddəa öz əksini tapıb. Bu gün qəbul edilən dəyişikliklərin hər hansı bir məhdudiyyətin nəticəsi olduğunu söyləyən jurnalistlərə demək istərdim ki, jurnalistlərin 1986-cı ildə qəbul edilmiş etik normaları kodeksinin müddəalarına nəzər salsınlar. Yəni Beynəlxalq Jurnalistlər Təşkilatının Federasiyasının ən mühüm tələbləri ondan ibarət idi ki, ayrı-ayrı dövlətlərin milli qanunvericiliyində bu müddəalar öz əksini tapsın.
Burada hansısa məhdudiyyətdən söhbət getmir. Əksinə, bütün bu müddəalar Azərbaycan vətəndaşının hüquqlarının qorunmasına, onun hüquq və azadlıqlarının təmin olunmasına yönəlib. Sözsüz ki, hər bir Azərbaycan vətəndaşı onun icazəsi olmadan onun haqqında müəyyən məlumatların toplanması, onun izlənilməsi, onun şəxsi həyatına müdaxiləsini qəbul etmir və qəbul etmədiyinə görə referendumda bu müddəaya səs verib. Bu gün buna qarşı çıxmaq məhz Konstitusiyanın həmin müddəasına qarşı, referendumda iştirak edən insanların iradəsinə qarşı çıxmaq deməkdir. Bu baxımdan mən hörmətli millət vəkillərinə müraciət edərək onları həmin dəyişikliklərə, həmin müddəalara səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Əli müəllim, bu layihə Sizin komitədə də müzakirə olunub. Sözünüz varmı? Yaxşı, davam edirik. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Burada və bundan əvvəl də bizim bəzi deputatların müsahibələrində bu dəyişikliyin guya bir texniki dəyişiklik kimi, yəni Konstitusiyanın 32-ci maddəsinə referendumda edilmiş dəyişikliyin, sadəcə, qanunvericilik aktlarına köçürülməsi kimi təqdim olunması ilə rastlaşırıq. Birmənalı şəkildə bəyan edirəm və üstündə də durmağa hazıram, istənilən hüquqşünas, yaxud qeyri-hüquqşünasla da mübahisəyə girməyə hazıram ki, bizim Konstitusiyaya edilmiş bu dəyişikliyin 32-ci maddə ilə heç bir əlaqəsi yoxdur. Yəni imperativ qaydada guya texniki olaraq bu qanunlara salınması ilə heç bir əlaqəsi yoxdur.
Hörmətli Milli Məclis üzvləri, mən həmin dəyişikliyi sizin diqqətinizə çatdırıram. 32-ci maddənin 3-cü bəndinin ikinci cümləsində yazılıb: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”. Tamamilə normal bir düzəlişdir, normal bir müddəadır. Amma biz bu gün qanunvericilik qaydasında istisnaları müəyyən edirik. Bir daha təkrar edirəm, diqqət edin, burada göstərilir ki, “qanunla müəyyən edilmiş hallar istisna olmaqla”. Bu gün biz bütün hallara istisna qoyuruq. Bir daha təkrar edirəm, bu məsələ izahla əlaqələndirilə bilməz. Konstitusiyadan bu çıxmır. Bir daha təkrar edirəm, hörmətli hüquqşünaslar varsa, xahiş edirəm, bunu bir daha diqqətlə oxusunlar. Bu gün biz total məhdudiyyətlər, total istisnalar müəyyən edirik.
Hörmətli Ziyafət müəllim orada gülür. Yeri gəlmişkən, bayaq Xocalı məsələsi barədə məlumat verdi. Əvvəla, hörmətli deputatlar, Xocalı soyqırımı 1992-ci ilin martında Ali Sovetin o vaxtkı qərarı ilə qəbul edilmişdi.
Sədrlik edən. Pənah bəy, bu məsələni qurtarın, sonra o birisini danışarsınız.
P. Hüseyn. Ziyafət müəllim, hesab edirəm ki, sədrlik səlahiyyətindən, mikrofondan sui-istifadə etmək doğru deyil.
Sədrlik edən. Yox, deyirəm, bu qanun layihəsi ilə bağlı fikirlərinizi yekunlaşdırdınızmı?
P. Hüseyn. Üzr istəyirəm, biz burada güləndə, ola bilər, heç kəs görmür, amma Siz orada güləndə Sizin mimikalarınızı, gülüşünüzü hamı görür. Ona görə də bir az xahiş edirəm, buna diqqət yetirin.
İkincisi, hörmətli deputatlar, mən bir daha təkrar edirəm, əvvəlcədən deyim ki, şəxsən mənim üçün burada aydın olmayan heç nə yoxdur. Bu qərar qəbul olunandan sonra, əgər imzalanarsa, mən Azərbaycan Respublikasının vətəndaşı olaraq, bu qanunla əlaqədar məhkəməyə müraciət edəcəyəm. Qəti şəkildə əminəm ki, hətta Azərbaycanın milli məhkəmələri bizim iddiamızdan imtina edərsə, bu bizim hüquqlarımızın pozulması deməkdir. Çünki informasiya almaq, informasiya əldə etmək azadlığı yalnız kütləvi informasiya vasitələrinə aid deyil.
Mən diqqətinizi Konstitusiyanın digər bir maddəsinə – “Məlumat azadlığı”na cəlb etmək istəyirəm. Bu hər kəsin hüququdur. Ona görə də burada yalnız kütləvi informasiya vasitələrinin adlarının sadalanması məsələni həll etmir.
Hörmətli deputatlar, konkret olaraq, bu məsələlərin üzərində dayanıb, dediyimi sübut etmək istəyirəm. Burada dəyişikliyin 5-ci bəndinə baxın. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilir. Burada yazılır: “Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla digər hallarda...”. Yəni bunun məzmununu uzun-uzadı oxumuram. Bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə cəlb olunur. Əgər diqqət edirsinizsə, belə çıxır ki, məsələn, kütləvi informasiya vasitələri üçün bu, məsuliyyətə səbəb olur. Bəlkə elə kütləvi informasiya vasitələrinin nümayəndəsi olmayan digər bir vətəndaş da Konstitusiyanın qeyd etdiyim məlumat azadlığı haqqında maddənin məzmununa görə bu hüquqa malikdir. Belə çıxır ki, onların məsuliyyətinə səbəb olmur. Nəyə görə bunun belə olduğuna diqqəti cəlb etmək istəyirəm. Çünki mənim mətbuatda da ifadə etdiyim kimi, burada əsas məqsəd jurnalistdir, kütləvi informasiya vasitələridir. Ona görə də bir daha təkrar edirəm, bu qanunvericiliyi tərtib edənlər məntiqsizliyə və yaxud müəyyən mənada hüquqi çatışmazlığa və boşluğa yol verildiyinə diqqət yetirməyiblər.
İkinci bir məsələyə də diqqətinizi cəlb edim. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliyə baxın. Yazılır: “Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Mən sual verirəm, yəqin ki, hörmətli Əli müəllim çıxış edəcək. “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, sonra da “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda jurnalistlərə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə məhdudiyyətin qoyulmasının bu Qanunun məzmununa nə aidiyyəti var?
Əslində, Qanun belə olmalı idi, – əgər biz Konstitusiyadan çıxış ediriksə, – düzəliş belə olmalıdır: “Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsinə, video və foto çəkilişlərə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması məsuliyyətə səbəb olur”. Niyə? Əgər həmin qanuna diqqətlə baxsaq, görərik ki, həmin qanunun müvafiq maddələri var. Nəinki kütləvi informasiya vasitələri tərəfindən, o cümlədən xüsusi xidmət orqanları tərəfindən, əməliyyat-axtarış tədbirini həyata keçirən subyektlər tərəfindən, habelə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən də qanunsuz olaraq, yəni həmin qanunlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşın izlənilməsi və orada göstərilən digər hallara məruz qalması yolverilməzdir. Tamamilə məntiqi olardı. Bir daha təkrar edirəm, tamamilə doğru olardı ki, vətəndaşların hüquq və azadlıqlarının qorunması baxımından qanun həmin şəkildə olsun.
Eyni ilə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanuna da əlavələr nəzərdə tutulub. Mən hesab edirəm ki, oradan “kütləvi informasiya vasitələri” sözləri çıxarılmalı idi. Çünki həmin düzəliş “Kütləvi informasiya vasitələri haqqında” Qanunda edilir. Bir daha təkrar edirəm, həqiqətən, Konstitusiyadan irəli gələrək, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlara çox ciddi bir düzəliş olardı. Şəxsiyyətin, vətəndaşın hüquq və azadlıqlarının qorunmasına dövlət tərəfindən təminat verilməsi baxımından da olduqca mükəmməl bir addım olardı.
Burada hörmətli professor Nizami müəllim iştirak edir. Cümlələrin hətta üslubu, mübtədası, xəbəri də doğru deyil. Çünki süni şəkildə kompüterdən “Kütləvi informasiya vasitələri haqqında” Qanundan götürülüb və süni şəkildə ora atılmışdır. Mən diqqətinizi cəlb edirəm və dediyimin sübutunu siz də görəcəksiniz. Məsələn, yazılıb: “Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunda nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirlərinin tətbiqi istisna olmaqla, digər hallarda şəxsin və onun xəbəri olmadan” və sair. Cümləni oxuyanda görəcəksiniz. Yəni kimin hərəkətlərinə? Heç olmasa, bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bir daha təkrar edirəm, eyni ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda da belə yazılıb.
Mən təklif edərdim ki, bu məsələ ciddi şəkildə ekspertizadan keçirilsin. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlardan “kütləvi informasiya vasitələri və digər şəxslər” sözləri çıxarılsın. Həmin sözlərin çıxarılması olduqca vacibdir və zəruridir. Bu, vətəndaşın xüsusi xidmət orqanlarının işçiləri tərəfindən qanunsuz olaraq izlənməsinə və onların haqqında məlumatların toplanmasına qadağan qoyulması baxımından dövlətin atdığı çox ciddi bir addım olardı.
Bir daha təkrar edirəm, digər məsələlərin üzərinə qayıdacağam. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun üzərinə gəlirəm. Çox istərdim ki, hörmətli Əli müəllim, hörmətli Rəbiyyət xanım da bu məsələyə cavab versin. İndi bu qanunları qəbul etdikdən sonra, yəni bu düzəlişləri qanunlara əlavə etdikdən sonra elə bir hal qalırmı ki, əməliyyat-axtarış tədbirləri istisna olmaqla, orada jurnalistin və yaxud digər şəxsin məlumat azadlığı, Konstitusiyada ifadə olunmuş hüquq və azadlığı, yəni məlumat almaq azadlığını, həmçinin söz və mətbuat azadlığı, o cümlədən Avropa Konvensiyasının 10-cu maddəsində təsbit olunan azadlığı həyata keçirilsin.
Hörmətli Əli müəllimin dünən müsahibəsini oxudum. Əli müəllim Konstitusiya Məhkəməsi deyil ki, Qanunu tövsif edir. Əli müəllim deyir ki, bu, ictimai dövlət vəzifəsi daşıyırsa, onda gəlin, bunu biz qanunda əks etdirək. Bir daha təkrar edirəm, bunu hansısa formada, hüquqi ifadələr formasında Qanuna salaq. Yəqin ki, indi burada çıxış edənlər də bunu deyəcəklər. Əks halda bir daha təkrar edirəm, heç bir hal qalmır. Yəni bütün hallarda şəxsin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin özünün razılığı olmadan, yaxud şəxsin məlumatı olmadan onun haqqında həmin hərəkətlərin yerinə yetirilməsinə birmənalı şəkildə və imperativ qaydada qadağa qoyulur. İndi mən hörmətli Əli müəllimə sual verdim.
Sədrlik edən. Sağ olun, Pənah bəy. Sizin fikriniz bitdi. Aydındır. Pənah bəy, Sizin fikirlərinizə cavab verəcəyəm. Siz dediniz ki, əməliyyat-axtarış tədbirlərindən başqa elə bir hal qaldımı ki, orada jurnalist informasiya azadlığı əldə etsin? Çəkirlər, yazırlar. Bəs bu informasiya azadlığı deyilmi? Ayrıca olaraq mən Sizə cavab verəcəyəm. İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təbii ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum məsələsi müzakirə olunanda həmin məsələlərlə əlaqədar fikrimi ifadə etmişdim. Bu gün də həmin fikirdə qalıram ki, kütləvi informasiya vasitələri ilə bağlı məhdudlaşdırma nəticə etibarilə Azərbaycanda söz və mətbuat azadlığını ciddi təhlükə altında qoyur.
İndi konkret olaraq dəyişikliklərlə bağlı. Məndən əvvəl hörmətli Pənah bəy Konstitusiyanın 32-ci maddəsini qeyd etdi. Bəli, Konstitusiyanın 32-ci maddəsində “Qanunla müəyyən olunmuş hallar istisna olmaqla” ifadəsi xüsusi olaraq işlədilir. Qanunla müəyyən olunmuş istisna halları hansı qanunla müəyyən olunur? Təbii ki, Konstitusiyanın digər bəndindən çıxan ifadə azadlığı Avropa Konvensiyasında da öz əksini tapmışdır. Təəssüflər olsun ki, bütün bunların hamısını Siz bir yerə qatırsınız. Bayaq özünüz dediyiniz kimi, “sağmal inək kimi” ifadəsini, bir sürü kimi hamısını bir yerə qatırsınız. Hamısını toplayıb bir güllə ilə iki dovşan vurmaq istəyirsiniz.
Konkret məsələlərə keçmək istəyirəm. Deyirsiniz ki, “əməliyyat-axtarış fəaliyyəti istisna olmaqla”, “şəxsin icazəsi olmadan”. Pənah bəy həmin hissəsini çıxışında qeyd etdi ki, ictimai-siyasi fəaliyyətlə məşğuldur. Bu Qanundan çıxış edərək mən bu gün burada əyləşən istənilən jurnalisti məhkəməyə verə bilərəm. Mənim icazəm olmadan mənim səsimi yazır, mənim çıxışımı yayımlayır, mənim dediklərimi kütləvi informasiya vasitələrinə çıxarır. Bu Qanun buna əsas verir. Birmənalı surətdə heç kim buna xüsusi qaydada nə tövsif verməli, nə də izah etməlidir. Qanunun mahiyyəti, fəlsəfəsi bundan ibarət deyil. Adam məndən icazə almadan mənim çıxışımı yaza bilməz. Yaxud foto çəkilişi, video çəkilişi apara bilməz. Siz bunu rəsmiləşdirirsiniz.
Əslində, burada bu cür məsələlərdə nələr nəzərə alınmalı idi? İctimai-siyasi statusu nəzərə alınmalıdır və peşə fəaliyyəti ilə məşğul olarkən bunların heç birinə qadağa qoyula bilməz. Adam xalq tərəfindən seçilib, millət vəkilidir. Hər hansı bir jurnalistə sən icazə verməməlisən ki, bu sahədə olan fəaliyyətinlə bağlı yazsın, yaxud yazmasın. Səni seçiblər, o da sənin fəaliyyətini işıqlandırmalıdır. Nazirsən, dövlət məmurusan, dövlət qulluqçususan və sair.
İkincisi, əməliyyat-axtarış fəaliyyəti barədə kifayət qədər danışıldı. Tutaq ki, ər-arvaddır. Nə əməliyyat-axtarış tədbiri var, nə də polis bunun haqqında bir şey bilir. Dalaşırlar və ər mütəmadi olaraq arvada zorakılıq tətbiq edir. Arvad bu zorakılığı sübut etmək üçün video çəkilişdən istifadə edir. Bu zaman o, ərindən icazə almalıdır ki, bağışla, məni döyəndə səni çəkəcəyəm. Adam küçədə cinayət edir, mən bunu görürəm, başqa müdaxilə imkanım yoxdur. Çəkiliş aparmaq üçün gedib deməliyəm ki, əlahəzrət filankəs, bağışla, Azərbaycan Konstitusiyası və qanunları deyir ki, səndən icazə almadan sənin şəklini çəkə bilmərəm. Məni döydüyün yerdə sənin şəklini çəkmək olarmı? Bu nə deməkdir? Bu əməliyyat-axtarış tədbirlərini geriyəmi qeyd etdirəcəksiniz? Geri tarixəmi yazacaqsınız? İstintaqda hansı materiallar olacaq?
Siz peşəkar hüquqşünaslarsınız. İstintaqda sübut kimi istifadə olunan materialların 100-də 99-u şəxsin xəbəri olmadan masa üzərinə gətirilir. İbtidai istintaqı, o cümlədən məhkəmə istintaqını aparan şəxslərin bu və ya digər şəkildə qanunun imkan verdiyi çərçivədə məlumatlar və sübutlar əldə edirlər. Bu sübutlar və məlumatlar həmin şəxsə qarşı tətbiq olunanda ən qatı cinayətkara qarşı nə baş verir? Necə sübut edəcəksiniz? Cinayətdən də əvvəlcədən xəbəriniz yoxdur. Hesab edirəm ki, bütövlükdə bu cür qeyri-peşəkarcasına yanaşmanın kökündə kütləvi informasiya vasitələrinin söz, mətbuat azadlığını məhdudlaşdırmaq dayanır.
Biz insan haqlarını da bu şəkildə qoruyuruq. Əslində, cinayətkarlıqla mübarizədə, Azərbaycan Cinayət Məcəlləsinin tələblərinin yerinə yetirilməsində həm daxili işlər orqanlarında, həm də prokurorluq və başqa xüsusi xidmət orqanlarında bu və ya digər şəkildə bu üsullardan onsuz da istifadə olunur. Qanunla köhnə tarix göstərilir. Bizim məhkəmə işlərində çox aydın, bariz misallar vardır. Pənah bəylə mənim məhkəmə işimdə çox aydın, bariz misallar var idi. Bizim köhnə telefon danışıqlarımızı “Azercell”dən almışdılar. Kiminlə əlaqədə olmuşuq, kiminlə telefonla danışmışıq. Əslində, bu qanunla siz nəyə rəvac verirsiniz?
Kütləvi informasiya vasitələri bu və ya digər məlumatı cəmiyyətə açıqlayır, şəffaflığı təmin edir, cəmiyyətə informasiya verir, cəmiyyəti bu və ya digər şəkildə məlumatlandırır. İctimai-siyasi xadimlərin, məmurların, millət vəkillərinin fəaliyyəti barədə informasiya toplamağa qadağa qoyursunuz. Amma əvvəlkilər bildiyi kimi öz işini davam etdirəcək. Əgər dediyiniz kimi, şəxsin azadlığını və toxunulmazlığını təmin etmək məqsədi güdülürsə, niyə yükün ağır hissəsini kütləvi informasiya vasitələrinə şamil edirsiniz? Niyə başqa orqanlara aid olunmur? Təəssüf edirəm ki, kəşfiyyat, əks-kəşfiyyat tədbirləri və sair adı altında sanki Azərbaycan dövlətçiliyinin qorunması istiqamətində elə bir şura yaradılır ki, adam ondan bir az çəkinsin. Burada dövlət və dövlətin qorunması ilə bağlı heç nə yoxdur. Bunun arxasında vətəndaşların təhdid olunması durur. Adamın bütün fəaliyyətini bu və ya digər şəkildə məhdudlaşdırırsınız. Vətəndaşın almalı olduğu məlumatı məhdudlaşdırırsınız ki, məmurun, millət vəkilinin, dövlət qulluqçusunun fəaliyyəti vətəndaş üçün qapalı qalsın və vətəndaş onun əməllərindən xəbərdar olmasın.
Hesab edirəm ki, bu, Azərbaycanda mətbuat və söz azadlığına qarşı ciddi təhlükədir, ciddi təhdiddir. Bu, Azərbaycanda söz və mətbuat azadlığının, ifadə azadlığının qorunması haqqında sizlərin, hakimiyyət nümayəndələrinin dediyi bərbəzəkli sözlərin, təntənəli çıxışların hamısının sonudur. Bundan sonra hər hansı bir şəkildə Azərbaycanda ifadə azadlığının, söz və mətbuat azadlığının qorunduğunu demək sözdür.
İllər uzunu biz burada Defomasiya haqqında qanunun qəbul olunmasını tələb edirik. Böhtan və digər yazılara görə jurnalistlərin məhkum olunmamasını istəyirik. İndi yeni bir şey ortalığa çıxıb. Bunu da Azərbaycan Konstitusiyası ilə əsaslandırırsınız. Nəticədə nə olacaq? Kim ağzını açıb bir söz desə, filan yerdə filan məmur filan işi elədisə, “sən icazəsiz mənim səsimi yazdın” deyə, jurnalist həbs olunmalıdır? Nəticəsini düşünürsünüzmü? Çox ağır nəticəsi olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova, sualınız var? Buyurun.
E. Axundova. Mənim sualım var. Mən Rəbiyyət xanımla tam razıyam. Başa düşürəm ki, 14-cü maddəyə və başqa maddələrə edilən dəyişiklikləri keçən il martda referendumda qəbul etmişik. Biz bunu, sadəcə, başqa qanunlara tətbiq edirik. Amma İqbal müəllimin də, Pənah müəllimin də sözlərində müəyyən məntiq var. O mənada ki, Rəbiyyət xanımla da, Əli müəllimlə də danışanda Əli müəllim dedi ki, heç bir şəxs onun xəbəri olmadan izlənilə bilməz. “Şəxs” dedikdə kimi nəzərdə tuturuq? Bu, mütləq açılmalıdır. Çünki biz Əli Hüseynovla bu barədə danışanda o dedi ki, bu, deputatlara, dövlət məmurlarına, ictimai xadimlərə aid deyildir. Çünki həmin şəxslər hər an ictimai işlərlə məşğuldurlar. Ona görə də biz hər an izlənilə bilərik. Söhbət bundan gedə bilməz. Bu maddələr adi insanlar haqqındadır və şəxsi həyatın toxunulmazlığı deməkdir.
Rəbiyyət xanım, Əli müəllim, belə olan halda bəlkə, doğrudan da, bu maddələri mütləq açmalıyıq ki, söhbət kimdən gedir. Bəlkə həmin istisnaları orada yazaq? “Bu, deputatlar, məmurlar istisna olmaqla, adi şəxslərə aiddir” yazsaq, sual da doğurmayacaq. Yoxsa “şəxs” yazanda bizi də nəzərdə tuta bilərlər. Bəlkə mən nəyisə başa düşmürəm? Xahiş edirəm, sualıma aydınlıq gətirilsin.
Sədrlik edən. Aydındır. Çox sağ olun, təşəkkür edirəm. Əvvəla, İqbal bəy, Pənah bəy, sizdən xahişim budur ki, mən danışanda sözümü kəsməyin. Siz danışdınız, dediyiniz sözlərdə heç bir arqument, heç bir əsas görməsəm də, diqqətlə qulaq asdım. Mən təəssüf edirəm. Onsuz da sizin çıxışlarınızı mən qəbul etməmişəm. Bu gün İqbal bəy də, Pənah bəy də özlərinin ən zəif çıxışlarını elədilər. Niyə? Əvvəla, sizin özünüzün aranızda Konstitusiya ilə, referendumla bağlı fikir ayrılığı var. İqbal bəy dedi ki, hələ o vaxt bu məsələ referenduma çıxarılanda mən bunun əleyhinə idim. Pənah bəy də dedi ki, bəli, bu, Konstitusiyada düzgün yazılıb, amma Konstitusiyadan çıxış edərək qanunlara düzgün keçirilməyib. Amma, Pənah bəy, Siz referendum keçiriləndə bunun əleyhinə gedirdiniz. İndi başqa cür deyirsiniz.
Bizim Konstitusiyamızda çox gözəl təsbit olunub, referendum yolu ilə qəbul edilib və mən burada heç bir problem görmürəm. Qanunun mahiyyəti ondan ibarətdir ki, burada söhbət hər bir vətəndaşın, hər bir insanın şəxsi həyatının toxunulmazlığından gedir, ictimai fəaliyyətindən yox. Biz keçən il mart ayının 18-də referendum keçirdik və həmin referendumda bu dəyişikliyi elədik. Üstündən bir il keçib. Soruşuram, hər hansı bir jurnalist bununla bağlı məsuliyyətə cəlb olunubmu? Əlbəttə, yox.
Konstitusiya birbaşa qüvvəyə malikdir. Öyrənin də. Mən sizə mühazirə oxumalıyam? Bu, artıq qanundur, Konstitusiyada qəbul olunubsa, artıq birbaşa qüvvəyə malikdir. İcazə verin, sözümü deyim. Bu, məsələnin bir tərəfi. Demək istəyirəm ki, bizim ictimai fəaliyyətimiz bir şeydir, şəxsi həyatımız başqa. Yəni “bizim” deyəndə mən bütün insanları nəzərdə tuturam.
Bəli, bu gün Milli Məclisin iclasıdır. Jurnalist çəkə də bilər, göstərə də bilər, müsahibə də ala bilər. Digər tədbirlərdə də bu, tamam başqa məsələdir. Bunu başqa yerə yozmaq lazım deyil. Mən götürmüşəm. Hətta referendum yolu ilə Azərbaycan Konstitusiyasına təsbit ediləndə, bu, havadan götürülmür. Yüz ölçülür, bir biçilir, beynəlxalq sənədlərlə uzlaşdırılır. Bunun eksperti var, sabah baxacaq.
1948-ci il dekabrın 11-də qəbul edilmiş İnsan hüquqları haqqında Bəyannamənin 12-ci maddəsində yazılıb: “Heç kəsin şəxsi və ailə həyatına özbaşına müdaxilə oluna, onun mənzil toxunulmazlığına, yazışma sirrinə, yaxud şərəfinə və adına özbaşına qəsd edilə bilməz. Hər bir insanın belə müdaxilə və qəsdlərdən qanunla müəyyən olunmuş qaydada qorunmaq hüququ vardır”. Bu, Bəyannamə. Gəlirik 1966-cı il Paktına. Yeri gəlmişkən, deyim ki, həmin Pakt 1966-cı il dekabrın 16-da imzalanıb. BMT-nin Paktıdır və 1992-ci il sentyabr ayının 22-də Helsinki şəhərində Azərbaycan Respublikasının Prezidenti olmuş rəhmətlik Əbülfəz Elçibəy həmin Paktı imzalayıb. Çox düz də eləyib. Çünki doğrudan da, biz əgər BMT-yə qoşuluruqsa, BMT-nin üzvüyüksə, bunu qəbul eləməliyik. 17-ci maddədə nə yazılıb? Olduğu kimi oxuyuram. Rus dilindədir. Çünki Azərbaycan dilinə tərcümə olunsa, deyərsiniz ki, özünüzə sərf eləyən qaydada tərcümə eləmisiniz.
“Никто не может подвергаться произвольному или незаконному вмешательству в его личную и семейную жизнь, произвольным или незаконным посягательствам на неприкосновенность его жилища или тайну его корреспонденции или незаконным посягательствам на его честь и репутацию. Каждый человек имеет право на защиту закона от такого вмешательства или таких посягательств”.
Söhbət hər bir insanın şəxsi həyatından gedir. Ay mənim əzizim, sənin ictimai fəaliyyətinin bura heç bir aidiyyəti yoxdur. Burada bir istisna halı var, o da əməliyyat-axtarış tədbiridir. Əməliyyat-axtarış tədbirlərində vətəndaşdan icazə alınmır. Əməliyyat-axtarış tədbirlərinin prosessual xüsusiyyətləri var. Burada müxtəlif cinayətlər ola bilər, müxtəlif xarakterli cinayət təhlükəli əməllər ola bilər. Söhbət təkcə dövlət məmurlarından getmir, hər bir vətəndaşdan, hər bir şəxsdən gedir. Hər bir vətəndaşdan ölkənin ali şəxsinə qədər. Məsələni bu cür çevirmək, baş-ayaq qoymaq gülüncdür.
Beynəlxalq Pakt, İnsan hüquqları haqqında Bəyannamə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası, bizim Konstitusiya ilə qəbul edilib və Konstitusiyadan irəli gələrək qanunlarımızın işləməsi üçün biz onları praktik tətbiq edəcəyik. Bunları biz qanunlara köçürürük. Burada başqa bir şey yoxdur. Ona görə mən təəssüf edirəm ki, belə məsələlər meydana çıxır. Əlbəttə, çıxmalı deyil. Burada səsləndiyi kimi, yenə deyirəm, bu heç bir mətbuat nümayəndəsinə qarşı, heç bir kütləvi informasiya vasitəsinə qarşı, heç bir jurnalistə qarşı yönəlməyib, mənim əzizim. Söhbət beynəlxalq hüquqi sənədlərdə təsdiq olunmuş qaydalardan, hər bir şəxsin, o cümlədən Pənah Hüseynin şəxsi və ailə həyatına qarışmamaqdan gedir. Belə yazılıb, oxu da! Oxudum, axı. Ya Siz Azərbaycan qrammatikasını yaxşı bilmirsiniz, ya da sözün həqiqi mənasında “çevir tatı, vur tatı” ilə məşğulsunuz. Fəzail Ağamalı.
F. Ağamalı. Əlbəttə, bu qanun gündəliyə gəldiyi zamandan kütləvi informasiya vasitələrində açılan polemika ilə mən də tanışam. Müxtəlif rəylər var və əlbəttə, bu rəylərin bir hissəsi ilə razı deyiləm. Xüsusi olaraq, daha çox mətbuatda fikirlərini səsləndirən və bu yöndə Milli Məclisin kürsüsündən həmin fikirləri konkret şəkildə diqqətə çatdırmağa çalışan İqbal Ağazadə və Pənah Hüseynlə razı deyiləm. Əvvəla, ona görə ki, Ziyafət Əsgərov məsələyə kifayət qədər hüquqi baxımdan aydınlıq gətirdi, beynəlxalq sənədlərə istinad etdi.
Məlum olduğu kimi, 2009-cu ilin martında Azərbaycan Respublikasının vətəndaşlarının mütləq əksəriyyətinin iradəsi ilə Konstitusiyamızda əlavələr və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliyə uyğun olaraq, Azərbaycanın qanunverici aktlarında dəyişikliklər hökmən aparılmalıdır. Bu, mübahisə predmeti deyil. Digər tərəfdən, qəbul edilməsi zəruri olan qanunlar da hazırlanmalıdır, Milli Məclisə təqdim edilməlidir və qəbul olunmalıdır. Bu da aksiomdur və mübahisə predmeti deyil.
Mənə elə gəlir ki, bu dəyişikliklərin əleyhinə gedən şəxslər, həmkarlarımız, sadəcə, 2009-cu ilin martında referendumun əleyhinə söyləmiş olduqları fikirləri bu gün davam etdirməkdədirlər və bu onların fikirlərinin müəyyən dərəcədə davamı kimi izah olunmalıdır. Yəqin ki, hörmətli hüquqşünaslar məsələyə hüquqi prizmadan yanaşacaqlar və məsələnin hüquqi baxımdan digər məqamlarına da aydınlıq gətirəcəklər.
Mən hüquqşünas deyiləm. Bilirəm ki, Pənah Hüseyn də hüquqşünas deyil. Bildiyimə görə, İqbal Ağazadə həm şərqşünasdır, həm də hüquq fakültəsini qurtarıb. Lakin hər hansı bir məsələyə aydınlıq gətirərkən, sadəcə, bizim fikirlərimiz ictimai mahiyyət kəsb etdiyinə görə və cəmiyyətdə kifayət qədər rezonans doğurduğuna görə həm kütləvi informasiya vasitələrinə vermiş olduğumuz müsahibələrdə, həm də burada söyləmiş olduğumuz fikirlərdə peşəkar olmalıyıq. Elə etməməliyik ki, bu, cəmiyyətdə düzgün olmayan səviyyədə başa düşülsün və xeyli suallar doğursun. Necə ki, Sizin söyləmiş olduğunuz fikirlər Elmira xanımda kifayət qədər tərəddüdlər və düşüncələrində müəyyən problemlər yaratdı. Yəni elə etmək lazımdır ki, fikirlər arqumentləşdirilsin, hüquqi baxımdan araşdırılsın və bu baxımdan həm kütləvi informasiya vasitələrinə, həm də Milli Məclisdə yığıncağa təqdim olunsun. Bu mənim həmkar olaraq, əlbəttə, səmimi tövsiyəmdir, səmimi təklifimdir.
Digər tərəfdən, Konstitusiyaya edilən əlavə və dəyişikliklərə uyğun olaraq, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunları paket formasında dəyişiklik irəli sürülür. Belə də olmalıdır. Buradan belə bir nəticə çıxarılmalı deyil ki, təqdim edilən dəyişiklik kütləvi informasiya vasitələrinin fəaliyyətini, onların informasiya almaq imkanlarını məhdudlaşdırır. Qətiyyən belə deyil. Heç bir halda siyasətlə, ictimai işlə məşğul olan və dövlətin ən yüksək səviyyəli pillələrində vəzifə daşıyan məmurların fəaliyyətinin kütləvi informasiya vasitələri tərəfindən izlənilməsinə məhdudiyyət qoyula bilməz. Bu, sadəcə olaraq, mümkün deyil. Bunun da müxtəlif dərəcədə izahına ehtiyac yoxdur.
Söhbət ondan gedir ki, hörmətli həmkarlarımızın biri, tanınmış şəxs, eyni zamanda, jurnalist özünün ailə həyatını, şəxsi həyatını ayrı-ayrı xoşagəlməz məqamlardan qanun yolu ilə qoruya bilsin. Əgər kimsə çimərliyə gedibsə, öz həyat yoldaşı ilə çimərlikdə istirahət edirsə, kimsə gəlib onun şəklini çəkirsə, video çəkilişi aparırsa, artıq bu onun şəxsi həyatına müdaxilədir. Kimsə özünün şəxsi evində, şəxsi həyətində şortiklə gəzirsə, əlbəttə, bu ifadələrə görə bağışlayın, kimsə bunu çəkirsə, qəzet səhifələrinə verirsə, bu, artıq şəxsiyyətin təhqiridir, onun şəxsiyyətinə verilmiş olan toxunulmazlığın pozulmasıdır. Eyni zamanda, bu, jurnalistlərə də aiddir.
Yadınıza gəlirsə, bir müddət bundan öncə ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələrini qəzetlərə çıxarırdılar ki, onlar qeyri-müəyyən adamlar tərəfindən izlənilirlər, müxtəlif təqiblərə məruz qalırlar. Deməli, bu dəyişiklik jurnalistlərin özünə də aiddir. Onların da şəxsi həyatı qorunur, onların da toxunulmazlığı təmin olunur. Bu həm jurnalistlərə, həm müəllimlərə, həm də bütün Azərbaycan vətəndaşlarına aiddir. Belə fikir söyləmək lazım deyil ki, deputatlar və ya siyasətçilər istənilən halda deyə bilərlər, mənim burada çıxışım var, yaxud foyedə gedişimi siz çəkməyin. Onda deputat, siyasətçi evində otursun, ayrı işlə məşğul olsun. Çünki deputatı ictimailəşdirən mətbuatdır. Ağlı başında olan deputat heç zaman deməz ki, sən kütləvi yerlərdə, ictimai yerlərdə, danışıq aparanda, siyasi proseslərdə, dəyirmi masalarda mənim icazəmlə şəklimi çək, videomu götür. Bu, anormal bir yanaşmadır, bunu heç bir siyasətçi, heç bir deputat deyə bilməz.
Beynəlxalq təşkilatların iştirakı ilə dövlət səviyyəsində tədbir keçirilir və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar. Onlardan görüntülər alınır, müsahibələr alınır, məsələlərə aydınlıq gətirilir. İstənilən qədər bu baxımdan arqument gətirmək olar. Sübut etmək olar ki, doğrudan da, bu gün bizim müxalifətdə olan hörmətli həmkarlarımız bu məsələyə hüquqi baxımdan kifayət qədər öyrənilməmiş səviyyədən yanaşırlar. Bu heç də o demək deyil ki, bizdən yuxarıda əyləşən çox hörmətli və dəyərli kütləvi informasiya vasitələrinin nümayəndələri bunu belə anlamasınlar ki, onların hüquqlarını daha çox bizim opponentlər müdafiə edirlər. Qətiyyən! Mən düşünürəm ki, onlar bu cür danışıqlarla, əslində, imkanlarından istifadə edərək, özlərinin siyasi maraqlarını önə çəkirlər və çalışırlar ki, onun müdafiəçisi kimi özlərini təqdim etsinlər. Əslində, mən düşünürəm ki, bizdən yuxarıda əyləşən hörmətli jurnalistlər, media təmsilçiləri kifayət qədər ağıllıdırlar və təhlil etmək imkanlarına malikdirlər. Onlar hər şeyi olduğu kimi düzgün, hüquqi baxımdan qiymətləndirəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Mən hesab edirəm ki, fasiləyə 5 dəqiqə qalıb, Qüdrət Həsənquliyev çıxışını bir az qısa eləsin. Qüdrət Həsənquliyev, buyurun.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Çalışacağam ki, qısaca münasibət bildirim. Xatırlayırsınızsa, referendum zamanı bu məsələ İctimai televiziyada bütün Azərbaycan xalqı qarşısında geniş müzakirə olunurdu. O zaman referendumun təşviqat qrupunun üzvü kimi mən də heç bir təhlükə görmədiyimi söyləyirdim və bildirirdim ki, bu, əslində, vətəndaşların müəyyən hüquqlarını qoruyur. Burada artıq Ziyafət müəllim qeyd elədi. Bu gün də bunun təsdiqi kimi referendumda qəbul etdiyimiz normaya istinad edirik.
Bizim bir dostumuz var idi. Əliməmməd Nuriyev məndən tələb edərdi ki, saat 6-da dənizə gedək. Deyirdik, axı, 6-da dənizə getmək olmaz. Sözsüz ki, o da dənizdə çimmək istəyirdi. Gedirdik, çimirdik, kənardan bir adam gələn kimi qaçıb suya girirdi. İstəmirdi ki, kimsə onun çılpaq şəklini çəksin və ya görsün. İndi görürəm ki, həmin adam da bu normanın əleyhinə çıxış edir.
Sözün doğrusu, əslində, vətəndaşların şəxsi və ailə həyatını qoruyuruq. Burada jurnalistlərimiz əyləşiblər. Mən səmimi şəkildə söyləyirəm ki, onların informasiya toplamaq azadlığını məhdudlaşdıran heç bir norma yoxdur. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 49-cu maddəsində jurnalistin informasiya toplamaq hüququ var. Bundan başqa, 11-ci maddədə jurnalistin hətta müstəqil təhqiqat aparmaq səlahiyyəti var. Bu normalar “Kütləvi informasiya vasitələri haqqında” Qanundan çıxarılmır. Bizim Konstitusiya birbaşa hüquqi qüvvəyə malik olan əsas qanundur. Konstitusiyanın 32-ci maddəsinin ikinci hissəsində də qeyd olunub ki, bu məhdudiyyətlər yalnız şəxsi həyatla və ailə həyatı ilə bağlı olan məsələlərdir.
Komitəmizdə müzakirə olunanda mən, sadəcə, məsələ qaldırdım ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Qanunu yenidən qəbul eləmək olar. Burada aydınlıq gətirmək olar ki, müstəqil təhqiqat aparmaq hansı hallarda və necə ola bilər. Müəyyən aydınlıqlar gətirilə bilər. Amma bir daha vurğulayıram, bizim jurnalistlərimiz dəfələrlə məsələ qaldırıblar ki, onlar ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq izlənilir, təqib olunurlar. Bu, əslində, həm də jurnalistlərin hüquqlarının qorunmasıdır. Bundan sonra da jurnalistlər istənilən ictimai maraq kəsb eləyən məsələ ilə bağlı informasiya toplaya bilərlər. Şəxsən mən bu dəyişikliklərdə həmin məhdudiyyəti, təhlükəni görmürəm. Ona görə hesab edirəm ki, həyəcanlanmağa, narahatçılığa ciddi əsas yoxdur. Ona görə də bu normanı qəbul edə bilərik. Sağ olun.
Sədrlik edən. Gəlin, belə danışaq, fasilədən sonra davam edərik. Çünki bu məsələyə Əli Hüseynovun komitəsində də baxılıb və mən çox istəyirəm ki, onun da cavablarını eşidək, sonra çıxışlarımızı davam etdirək.
Mən danışanda maraqlı bir epizod yadıma düşdü. Keçən çağırış parlament seçkiləri dövründə millət vəkilləri bir zalda futbol oynayanda xəbər çıxdı ki, bir nəfər jurnalist gəlib tək-tək deputatların şəklini çəkir. Saxlanıldı ki, səbəb nədir? Deyir, mənə belə tapşırıq verilib ki, deputatları şortikdə göstərək. Belə məlum oldu ki, oynayanların içərisində müxalifət nümayəndələri də var. Sonra həmin şəkilləri vermədilər. Həqiqətən, hesab edirəm ki, bu qanun layihəsi ictimaiyyətə də çox maraqlıdır. Ona görə hesab edirəm, bu müzakirələri tənəffüsdən sonra davam etdirək. Sonra səsə qoyarıq.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Müzakirəni davam etdiririk. Əhəd Abıyev buyursun.
Ə. Abıyev. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən də gündəlikdə duran məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycan Respublikasının qanunlarına təklif olunan çox mühüm əlavələri müzakirə edirik. İnanıram ki, qanunlara təklif olunan bu əlavələr vətəndaşlarımızın çoxunun ürəyincədir. Çünki şəxsi həyata müdaxilədən bir sıra insanlar zərər çəkiblər. Hesab edirəm ki, bu dəyişiklik təsdiq olunaraq, qüvvəyə mindikdən sonra, bu sahədəki problemlər öz həllini tapacaqdır.
Əlavədə aydın şəkildə göstərilir ki, əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsən onun xəbəri olmadan və ya etirazına baxmayaraq, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən izlənilməsinə, video və kaset çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalması qanunvericiliyə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Burada tanınmış hüquqşünas, həmkarımız Ziyafət Əsgərov bu məsələyə ətraflı şəkildə aydınlıq gətirdi, ölkə Konstitusiyasında, beynəlxalq sənədlərdə bu hüququn necə əhatə olunduğu diqqətə çatdırılırdı. O bildirdi ki, Konstitusiyanın 32-ci maddəsində bu məsələ, yəni şəxsi toxunulmazlıq hüququ öz əksini tapmışdır. Bu gün təklif olunan əlavə məhz ölkəmizin Konstitusiyasından irəli gəlir. Yəni bu məsələ insanların ictimai fəaliyyətinə deyil, onların ailə və şəxsi həyatına müdaxilənin qarşısını alır. Mən hesab edirəm ki, qanunlara təklif olunan bu əlavə çox mütərəqqidir, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına xidmət edir, beynəlxalq təcrübəyə əsaslanır. Ona görə də bu əlavəyə səs verəcəyəm və deputat həmkarlarımı da sənədin lehinə səs verməyə çağırıram.
Bir daha da təkrar edirəm, bu qanunlarda nəzərdə tutulan dəyişikliklər ana qanunumuz olan Konstitusiyaya tam uyğundur, burada söhbət Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin, konstitusion hüquqlarının qorunmasından, habelə şəxsi həyatına müdaxilə edilməməsindən gedir. Bu, Azərbaycanın demokratik prinsiplərinə sadiq olduğunu bir daha nümayiş etdirir. Amma kütləvi informasiya vasitələri də informasiyanı ictimaiyyətə doğru, düzgün, yerində araşdırıb çatdırsın.
Hörmətli cənab Sədr, mən də bu gün həmin məsələlərə şəxsən öz münasibətimi bildirmək istəyirəm. Bu yaxınlarda Masallı rayonunda oldum və orada hörmətli nazir Kəmaləddin Heydərovla görüşdük. Bu görüşün nəticəsində təbii fəlakətlə bağlı Masallıya vurulan ziyanı yerində araşdırdıq və yararsız vəziyyətə düşən 57 fərdi yaşayış evinin yenidən əsaslı olaraq tikintisinə başlandı. Nazir qəti olaraq bildirdi ki, Novruz bayramına kimi həmin fəlakətdən yararsız hala düşən fərdi evlər tikilib təhvil veriləcəkdir.
Mən millət vəkili olaraq, nəzərinizə çatdırmaq istəyirəm ki, ölkə əhalisinin enerjiyə olan tələbatını ödəyən infrastrukturlar da həmin layihələrdə iştirak edirlər. Yəni ölkədə ona yaxın elektrik stansiyası fəaliyyət göstərir. Bu da onu göstərir ki, dünyada qlobal iqtisadi böhran hökm sürdüyünə baxmayaraq, yəni hər an, hər zaman hökumətin, ən başlıcası ölkə rəhbərimiz hörmətli cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda irimiqyaslı layihələr yüksək səviyyədə həyata keçirilir və davamlı inkişaf bu gün hər yerdə özünü göstərir.
Xüsusilə demək istəyirəm ki, həmkarım Elmira xanımla bir yerdə Masallıda olduq, seçicilərlə görüşlər keçirdik. Orada şəxsən yol polisi işçilərinin necə də yüksək səviyyədə əhaliyə xidmət etdiyinin canlı şahidi olduq. Mən bir daha bir millət vəkili kimi fəlakət zonasında əhalinin qayğısına qalan hökumət üzvlərinə də dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Düzdür, mən demirəm ki, yerlərdə bütün problemlər, məsələlər öz həllini tapıb. Xeyr, müəyyən çətinliklər var. Yəni yerlərdə də ölkə rəhbərinin tapşırığına, sərəncamına əsasən zəruri işlər görülür. Biz buna sevinməliyik.
Mən təəssüf edirəm ki, bəzi müxalifət qəzetləri yerlərdə reallığı, həqiqəti yoxlamadan qərəzli məqalələr dərc edir və ictimaiyyəti çaşdırmaq istəyirlər. Amma bu gün respublikada həyata keçirilən genişmiqyaslı davamlı inkişaf dünya ictimaiyyəti tərəfindən də dəstəklənir. Yəni bu gün Azərbaycan Respublikası dünya ölkələri arasında ən inkişaf etmiş ölkələr sırasındadır. Mən xahiş edərdim ki, mətbuat işçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri müstəqil Azərbaycan Respublikasında gedən bu prosesləri doğru, düzgün işıqlandırsınlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əhəd müəllim. Sən birinci məsələyə toxundun, Ziyafət müəllimi tanınmış insanlar siyahısına saldın. Amma onun adına artıq QHT aça bilməyəcəklər. Bəxtiyar Sadıqov, buyurun.
B. Sadıqov. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu gün qanunlara təklif olunan dəyişikliklərlə bağlı layihəyə öz münasibətimi bildirmək istəyirəm. Əlbəttə, bu dəyişikliklər sadə və adi təklif olunan dəyişikliklərdir. Amma təəssüf ki, bəzi insanlar, yəni özlərini hüquq müdafiəçiləri adlandıranlar, jurnalist təşkilatlarının nümayəndələri və bəzi müxalifətçilər bu adi və sadə dəyişikliyi təhrif edilmiş formada ictimaiyyətə təqdim etməklə, həm onları çaşdırmağa, həm də bu adi məsələdə müəyyən bir mübahisəyə müəyyən şübhə yaratmağa çalışırlar.
Söhbət nədən gedir? Burada informasiyanın alınmasının məhdudlaşdırılmasından söz gedə bilməz. Çünki təklif olunan bu dəyişiklikdə jurnalistlərin fəaliyyəti heç bir şəkildə məhdudlaşdırılmır. Tutaq ki, mən burada, Milli Məclisdə oturub çıxış edirəmsə, yuxarıdan hansısa bir jurnalist mənim çıxışımı çəkib göstərirsə, bu haqda yazırsa, mənim onu məhkəməyə verməyim perspektivsizdir. Çünki məhkəmə məsələni araşdıranda görəcək ki, mən millət vəkiliyəm, mənim iş yerimdir və mənim çıxışım ictimai əhəmiyyət kəsb edir. Bu mənim şəxsi həyatım deyil, ona görə də bu prosesdə mənim udmaq şansım yoxdur. Yəni məsələni bu cür təqdim eləmək ki, hər dəfə jurnalist kimdənsə müsahibə alanda, hər dəfə onun çəkilişini aparanda hökmən icazə almalıdır, bu, əslində, məsələnin təhrif olunmasıdır.
İkinci bir məqam. Əgər mən buradan çıxıb getdikdən sonra evdə oturub, tutaq ki, istirahət edərkən, çay içərkən, kimsə pəncərədən gizli surətdə mənim şəklimi çəkib səsimi yazırsa, bəli, bu, artıq mənim şəxsi həyatıma müdaxilədir. Bu halda hökmən məndən icazə almaq lazımdır. Buna icazə verənlər də olur, verməyənlər də. Misal üçün, Azərbaycanın televiziya kanallarında istənilən qədər verilişlər var ki, insanlar ailə şəraitində, övladları ilə, nəvələri ilə deyib-gülən vəziyyətdə filmlər çəkilir, hətta mətbəxdə xörək bişirəndə onları çəkib cəmiyyətə təqdim edirlər. Bu isə onun arzusu ilə olur. Ancaq bir daha vurğulayıram, bu, razılıqsız olursa, həmin dəyişikliyə əsasən, əlbəttə, düzgün sayılmır.
Məsələnin digər məqamına da toxunmaq istəyirəm. Bayaq məndən əvvəl hörmətli həmkarlarımın dediyi kimi, artıq Konstitusiyada bu barədə müvafiq dəyişikliklər aparılıb və buna uyğun olaraq digər qanunlara da bu düzəlişlər salınır. Söhbət ondan gedir ki, Konstitusiyada dəyişikliklər zamanı bu barədə müzakirələr aparılıb və bu dəyişiklik iqtidarın iradəsi ilə, sadəcə, hər hansı bir sərəncamla aparılan dəyişiklik deyil. Artıq xalq referendum yolu ilə öz iradəsini ortaya qoyub və xalqın rəyi ilə bu dəyişiklik baş verir. Ona görə də buna hansısa bir qrup adamın etiraz eləməsini də mən mənasız hesab edirəm. Bu dəyişikliklər bizim milli-mənəvi dəyərlərimizə və insan haqlarına uyğundur.
Əlbəttə, biz azərbaycanlıyıq, özümüzün mentalitetimiz var. Ailə bizim üçün müqəddəs sayılır və biz istəmirik ki, bizim ailəmizə kənardan müdaxilə olsun, istəmədiyimiz halda ailəmiz qəzet səhifələrinə, televiziya ekranlarına çıxarılsın və hallandırılsın. Digər bir məqam isə bundan ibarətdir ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti üçün kifayət qədər geniş imkanlar yaradılıb və onlar informasiya toplamaqda azaddırlar. Nədənsə, biz, adətən, jurnalistlərin hüquqlarını genişləndirəndə, bu barədə danışanda qarşı tərəfin, oxucunun, tamaşaçının hüququ barədə susuruq. Bu məqamda oxucu və tamaşaçının da hüququ müdafiə olunur. Yəni jurnalistin informasiya toplamaq, mənim isə şəxsi həyatımı, ailə həyatımı toxunulmaz saxlamaq hüququm var.
Növbəti məqamlardan biri ilə bağlı bəzi iddialar var ki, bu, jurnalistlərin fəaliyyətinə əngəl törədəcək, mane olacaq. Guya araşdırma aparan jurnalistlər bu işdə böyük çətinliklə, əngəllə üzləşəcəklər. Bu tezisi də mən düzgün hesab eləmirəm. Bəyəm araşdırma aparan jurnalist ancaq gizlicə səs yazmalı, gizlicə çəkilişmi aparmalıdır? Araşdırma aparırsan, buyur, gəl, hansı məmurun, hansı insanın, hansı millət vəkilinin fikrini öyrənmək istəyirsən, mikrofonu tut, kameranla çək. Mən inanmıram ki, bizdə hansısa millət vəkili, yaxud məmur ciddi, əsassız səbəb olmadan həmin müsahibədən, fikrini açıq bəyan eləməkdən imtina eləsin. Ona görə bu tezisi də mən qəbul eləmirəm.
Nəhayət, dördüncü bir məqam da var. Mən Mətbuat Şurasının İdarə Heyətinin üzvü olduğum üçün bu məqamı xüsusi qabartmaq istəyirəm. Bu, reket jurnalistikaya qarşı mübarizədə bəd əməllərlə məşğul olan, adını jurnalist qoyanlara bir zərbədir. Çünki bu insanlar, əslində, qəzetçilik fəaliyyəti ilə, jurnalistlik fəaliyyəti ilə məşğul deyillər. Onlar əllərində olan mətbu orqanla insanları şərləmək, insanlara böhtan atmaq, onlara təsir göstərmək yolu ilə öz korporativ maraqlarını təmin edirlər. Belə olduqda onlar ən çox kompromatlardan, kiminsə onlara ötürdüyü gizli çəkilişlərdən, gizli səs yazısından istifadə edirlər, yaxud özləri bu yolu tuturlar. Əgər sənin niyyətin təmizdirsə, işin düzdürsə, niyə gizli çəkilişə, gizli səs yazısına gedirsən? İnsanlara açıq yanaşın. Çünki jurnalistin sənəti budur, peşəsi budur. Açıq-aşkar sualını ver, cavabını al, bunu da olduğu kimi qəzetdə dərc elə. Tərif eləmədən heç bir problem olmaz.
Bütövlükdə mən belə hesab edirəm ki, Azərbaycan iqtidarı öz əməli ilə, öz fəaliyyəti ilə mətbuat və söz azadlığının təminatçısı olduğunu sübut edib, mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına daim qayğı göstərib. Son dövrlərdə baş verən hadisələr də, faktlar da bunu dönə-dönə təsdiq edir. Ona görə də bu dəyişiklikləri jurnalistlərin fəaliyyətini yaxşılaşdırmaq baxımından, eyni zamanda, digər insanların hüquqlarının müdafiəsi sahəsində irəliyə atılan bir addım sayıram. Əksinə, bu düzəlişin təhrif olunmasını mən məqsədəmüvafiq hesab etmirəm, buna etirazımı bildirirəm. Bu dəyişikliklərə, təbii ki, hamımız səs verəcəyik və həmkarlarımı da buna çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov, mənim bir xahişim var. Biz gündəliyin ikinci məsələsinin müzakirəsinə başlayanda gərək Rəbiyyət xanımdan sonra Siz də çıxış edəydiniz, çünki bu qanun layihəsinə iki komitədə baxılıb. Xahiş edirəm, bir az ətraflı məlumat verin, çünki orada texniki məsələlər də var idi. Sizinlə biz baxmışdıq. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Əslində, aydındır ki, mətbuatla, habelə informasiya əldə etmək hüququ ilə bağlı olan bir məsələ istəsək də, istəməsək də, siyasiləşir və bir qədər qızğın mübahisələrə səbəb olur. Şəxsən bizi narahat edən odur ki, bu mübahisələrin əsaslı olub-olmamasından asılı olmayaraq, hər halda beynəlxalq təşkilatlar, bir sıra beynəlxalq mətbuat nümayəndələri bu məsələyə reaksiya verirlər. Cənab Sədr, biz, əslində, bunu gözləmirdik. Çünki Konstitusiyanın 32-ci maddəsinə biz əlavəni təqdim edəndə bu qədər narahatlıq, mübahisə olmamışdı. Hətta indi məlum olur ki, Konstitusiyanın 32-ci maddəsinin üçüncü hissəsinə etdiyimiz əlavə artıq heç kimi narahat eləmir. Narahatlıq həmin müddəanın digər qanunlara köçürülməsi ilə bağlıdır.
Konstitusiyanın 32-ci maddəsinə etdiyimiz əlavədə də, burada da bizim müəyyənləşdirdiyimiz ümumi prinsip ondan ibarətdir ki, heç bir fərd onun xəbəri olmadan və etirazına baxmadan dövlət nümayəndələri və kütləvi informasiya vasitələri orqanlarının nümayəndələri tərəfindən izlənilə bilməz, video və foto çəkilişinə məruz qala bilməz. Bu, ümumi bir prinsipdir və Konstitusiyada müəyyənləşdirilib. Amma təəssüf olsun ki, bu hissəni biz ayrılıqda götürüb şərh edərkən onu məhdudiyyət kimi çatdırmağa cəhd olur. Məncə, burada məntiqli görünən iki sual var. Əgər bu məhdudiyyət şəxsi və ailə həyatı ilə bağlıdırsa, nə üçün burada qeyd olunmur? Əlbəttə, Konstitusiyanın 32-ci maddəsinin üçüncü hissəsində də, ümumiyyətlə, bundan söhbət getmirdi. Yəni 2-ci bənddə qeyd olunmuşdur ki, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Sonradan bizim referendum zamanı elədiyimiz əlavə bu hüququn əlavə təminatlarını özündə əks etdirirdi.
Elə bilirəm ki, ikinci vacib və məntiqi sual “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna kütləvi informasiya vasitələri ilə bağlı edilən dəyişiklikdən ibarətdir. Yəni bu məsələ bir qədər narahatlıq yaradıb. Məsələ burasındadır ki, “Məlumat azadlığı haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarda bu hər bir kəsin hüququ təsbit olunursa, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlarda subyektlərə ünvanlanır ki, əməliyyat-axtarış fəaliyyətindən kənar heç kim bunu edə bilməz. Əslində, burada dövlət hakimiyyət orqanının nümayəndələrinə bir daha çatdırılır ki, ancaq əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, yəni hakimin, prokurorun qərarı olduğu halda izləmə, foto, video çəkilişi həyata keçirilə bilər. Əslində, bu həm fərdlərin, həm də jurnalistlərin toxunulmazlığının əlavə təminatlarından birinə çevrilmiş olur.
Cənab Sədr, əlbəttə, komitədə də işçi qaydasında layihə üzərində iş getmişdir. Millət vəkillərinin öncədən də stilistika baxımından, üslub baxımından bir neçə təklifi olmuşdur. Elə bilirəm ki, bizim gəldiyimiz sonuncu rəyi səsləndirsəm, bəlkə də mübahisələr bir qədər səngimiş olar: “Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video, foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
Qeyd etmək istəyirəm ki, söhbət təkcə kütləvi informasiya vasitələri orqanlarından getmir, digər şəxslər tərəfindən də izlənilməsinə, video və foto çəkilişinə qoyulan məhdudiyyətdən gedir. O ki qaldı burada hörmətli millət vəkilləri tərəfindən müxtəlif nümunələrlə bu məsələyə aydınlıq gətirilmək cəhdinə, əlbəttə, bu çox yaxşı haldır ki, hər bir ictimai şəxs, yaxud qeyri-ictimai şəxs bunu izah etməyə çalışır. Ona görə ki, bu hallarla rastlaşa bilərik. Amma birmənalı məlum olan odur ki, əgər ictimaiyyət üçün maraq kəsb edərsə, nəinki ictimai şəxslərlə, hətta adi şəxslərlə də bağlı məlumatlar çəkilə və ictimaiyyətə çatdırıla bilər.
Burada bir neçə misal çəkildi ki, guya bu qanun onların da qarşısını alır. Cinayət baş verir, jurnalist bunu çəkir və bu halda qanunu pozmuş olur. Əlbəttə, yox, çünki cinayət hadisəsi artıq ictimai hadisədir və ictimai maraq kəsb edir. Jurnalist də onu heç kimdən icazə almadan çəkə bilər və çəkir də.
Burada biz müxtəlif şərhlər verməkdən yayınmalıyıq. Niyə? Çünki hətta bu halda belə başqa bir misalı çəkim. Qeyd olundu ki, ailə daxilində zorakı hadisə baş veribsə və bu çəkilibsə, onda necə? Bəli, bu, əslində, ictimai hadisədir və jurnalist bu haqda məlumat verə bilər. Amma həmin hadisənin subyektləri – ər və arvad bunun ictimaiyyət üçün açıqlanmasının, zorakı hadisənin əleyhinədirsə, artıq burada həmin tarazlıq pozulub. Yəni jurnalist şəxsi həyata müdaxilə edib. Bu Qanunda qeyd olunduğu kimi, onların açıq şəkildə ifadə olunmuş etirazına məhəl qoymadan bunu səsləndirib. Ona görə bu məsələ məhkəmənin qarşısında duran vəzifədir. Burada opponentlərimiz də qeyd etdilər. Hesab edirəm ki, belə hallar baş verərkən bizim mətbuat nümayəndələri bu tarazlığı, yəni ictimai əhəmiyyət kəsb edən məlumatla şəxsi və ailə həyatı arasında olan balansı dəqiq bilirlər. Bilinməyən hallarda, mübahisə doğuran hallarda tərəflər bunu mübahisələndirə də bilər, mübahisələndirməyə də bilər. Bu hallar konkret olaraq Avropa İnsan Haqları Məhkəməsinin sənədlərində əks olunub. Mübahisə yaranarkən məhkəmə bunu həll edə biləcək.
Bizim Qanunda etdiyimiz dəyişiklik isə, burada qeyd olunduğu kimi, ancaq Konstitusiyanın bu müddəasının köçürülməsi ilə bağlıdır. Burada hətta hüquqi və məntiq baxımından məhdudiyyətin qoyulmasından söhbət getmir. Əgər Konstitusiyanın 60-cı və 32-ci maddələri, ümumən, məlumat əldə etməklə bağlı hüquqlar verirsə, hansısa Qanunda ayrıca götürülmüş bir məhdudiyyət ondan üstün ola bilərmi? Onsuz da “Mətbuat azadlığı haqqında” Qanunda alınması məhdudlaşdırılan kifayət qədər məlumatlar, hallar var. Məsələn, dövlət sirri, peşə sirri, kommersiya sirri və sair.
Cənab Sədr, bəlkə də bizim işimizin qüsuru o olub ki, bunu geniş ictimai müzakirəyə çıxarmamışıq. Amma inanın, gözləməzdik ki, belə sırf texniki xarakter daşıyan məsələ bu qədər geniş mübahisəyə səbəb ola bilər. Ona görə hesab edirəm ki, bu məsələdə ciddi bir mübahisə yoxdur. Biz opponentlərimizə təklif etmişik və istənilən hüquqi müzakirəyə yenə də hazırıq. Amma sırf qanunvericiliyin tətbiqi baxımından burada həmkarlarımla tam razıyam ki, heç bir mübahisə yoxdur və bunu səsə qoymaq mümkündür.
Sədrlik edən. Mən görürəm ki, siyahı getdikcə artır. Çıxışa yazılan millət vəkillərindən təkid edən varmı? Fazil Mustafa, buyurun.
F. Mustafa. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən hesab edirəm ki, burada mübahisələr yerindədir. Hüquqda elə məsələlər var ki, bunun açılışını hərə bir cür tövsif edə bilər. Bu dəyişikliklər vacibdir, Konstitusiyaya da uyğundur. Konstitusiyada nəzərdə tutulan maddələr, təbii ki, ayrı-ayrı qanunlarda əks olunmalıdır. Öncə Ziyafət müəllim bir konvensiyadan sitatlar oxudu. Açıq şəkildə göstərilir ki, şəxsi həyata, ailə həyatına aid olan məsələlər buraya daxil edilir. Onlar konkret göstərildiyinə görə Konvensiya mübahisə doğurmur. Eyni qaydada Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsində olan müddəalar yenə də ziddiyyət yaratmır. Yəni birinci cümlədə “öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanmasına yol verilmir” ifadəsi var. Söhbət şəxsi həyatdan gedir. İkinci cümlədəki “qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan” ifadəsi birinci cümlənin açılışını verir. Ona görə də Konstitusiyada ziddiyyət yoxdur. Amma Qanuna köçürüləndə birinci cümlə onun açılışını verən cümlə olmadığına görə burada şəxsi həyatdan başqa ictimai həyatı da ehtiva edə bilir. Məsələn, “istisna” burada artıq əməliyyat-axtarış tədbirləri keçirilən hallara aid olur. Digər hallar isə şəxsin ictimai fəaliyyətinə aiddir.
Mən açıq deyirəm, tutaq ki, burada fotoqraf bizim şəklimizi çəkir. Fotoqraf mənim xəbərim olmadan şəklimi çəkir, əlimi çənəmə qoymuşam, bu şəkli çəkdi, xoşuma gəlmədi. Artıq bu maddədən belə çıxır ki, mən onun cəzalandırılmasını, yaxud məsuliyyətə cəlb olunmasını tələb edə bilərəm. Çünki mənim razılığım olmadan, xəbərim olmadan şəklimi çəkib. Demək istədiyim odur ki, bu cür insidentlər baş verməsin. Konstitusiyanın maddəsində birinci cümlə var, orada şəxsi həyatdan söhbət gedir, artıq ikinci cümlə ona uyğunlaşdırılır və o, mübahisə doğurmur. Amma burada “digər hallar” deyəndə sabah məhkəmə orqanı bunu istənilən səviyyədə ictimai fəaliyyətə də yoza bilər.
Təbii ki, bu qanun layihəsi Prezidentdən gəlib, biz təqdir edirik və bunun qəbul olunmasına normal yanaşırıq. Amma elə etməliyik ki, sabah ölkəmiz üçün iradların səslənməsinə əsas verməsin. Ona görə hesab edirəm ki, bunu Konstitusiyaya daha dəqiq uyğunlaşdırmaq lazımdır. Digər hallarda ən azı mübahisə doğurursa, heç olmasa, orada “şəxsi və ailə həyatı” sözlərinin işlənməsi ilə məsələni, məncə, daha dəqiq ifadə etmək olar. Ona görə də indiki vəziyyətdə, açığı, bu cür şərhin sabah möhtəkirliyə yol açmayacağına əmin olmadığımı dilə gətirmək istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli də təkid edir, sonra səsə qoyacağıq. Buyursun.
N. Nəsibli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim demək istədiklərimi, demək olar ki, Fazil bəy dedi. Mən konkret olaraq bir təklif irəli sürmək istəyirəm. “Əməliyyat-axtarış tədbirləri halları istisna olmaqla digər hallarda şəxsin” sözlərindən sonra üç söz əlavə etsək, məncə, məsələ həll olunur: “şəxsi həyatı ilə bağlı onun xəbəri olmadan” və sair. Yəni orada artıq məhdudiyyət qoyulur və bununla da məsələ həll oluna bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Ziyafət Əsgərov əlavəsini desin, sonra səsə qoyarıq.
Z. Əsgərov. Çox sağ olun, hörmətli Sədr. Burada Fazil müəllim məsələ qaldırdı və Nəsib müəllim də bu məsələyə toxundu. Bir daha demək istəyirəm ki, bu qanunlarda Siz dediyiniz “şəxsin” sözünün əlavə edilib-edilməməsindən asılı olmayaraq, narahatlığa heç bir əsas yoxdur. Ən azı ona görə ki, hətta belə bir mübahisə düşsə, məhkəmədə onsuz da qanundan yuxarıda duran Konstitusiya və Konstitusiyanın 32-ci maddəsi var. İstər-istəməz məhkəmə onu əsas götürəcək. Burada narahatlığa heç bir əsas yoxdur. Yəni “şəxsi” sözü bura yazılsa da, yazılmasa da, ana qanunumuz var. Siz də bunu bəyəndiniz və dediniz ki, ana qanunda düz yazılıbdır. Hüquqi iyerarxiyaya görə, hüquqi qüvvəsinə görə Konstitusiya Qanundan yüksəkdədir. Bunun üçün narahatlığa əsas ola bilməz. Hər bir halda Konstitusiya bizi müdafiə edəcək. Narahatlığa heç bir əsas yoxdur. Jurnalisti də müdafiə edəcək, sizi də, bizi də. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 92
Əleyhinə 7
Bitərəf 0
Səs vermədi 1 
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Hesablama Palatası haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Dövlət satınalmaları haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsinə 4 komitədə baxılıb. İstəyirəm, hər bir komitə tərəfindən məlumat verilsin ki, müzakirələrə də çox ehtiyac qalmasın. Buyursun Rəbiyyət Aslanova.
R. Aslanova. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, İnsan hüquqları komitəsi “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərə baxmışdır. Bu qanuna təklif olunan əlavə və dəyişikliklərin əsas məğzi, mahiyyəti nədən ibarətdir?
Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər bir Azərbaycan vətəndaşının müraciət etmək hüququ var. 1997-ci ildə isə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanun qəbul edilib. Bu qanunun “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasının xüsusiyyətləri” adlanan 101-ci maddəsinə dəyişikliklər və əlavələr edilmişdir. Hər birimizə kifayət qədər müraciətlər edilir. Bu gün Azərbaycan vətəndaşının hər hansı idarə, təşkilat, müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını və yaxud texniki, hüquqi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciəti, ərizəsi və yaxud şikayəti ola bilər. Bizə də bu şikayətlər gəlir.
Təklif olunan variantın əsas məğzi ondan ibarətdir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılmasında bu məqamlar diferensiasiyalaşmışdır. Əvvəla, müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda, əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi nəzərdə tutulur. Halbuki əvvəlki variantda bunlar birləşdirilmişdi.
İkinci, cinayət əlaməti olan hüquqpozmalar aşkar edildikdə isə müvafiq sənədlərin məhz Azərbaycan Respublikasının Prokurorluğuna göndərilməsi nəzərdə tutulur. Məsələnin belə ciddiləşdirilməsi Azərbaycanda korrupsiyaya qarşı mübarizənin kəskinləşdiyini göstərir. Möhtərəm Prezidentimizin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar olaraq verdiyi fərmanların hər biri müvafiq qanunlarda dəyişikliklər edilməsini nəzərdə tutur. Zənnimcə, bu, kifayət qədər vacib bir sənəddir və sizləri həmin sənədə səs verməyə çağırıram.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Arif müəllim, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Layihə bələdiyyələrin fəaliyyətini tənzimləyən iki qanuna düzəlişlər və əlavələri nəzərdə tutur. Bunlar “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlardır. Düzəlişlərin məqsədi bələdiyyə orqanlarının və ilk növbədə, onların rəhbərlərinin məsuliyyətini artırmaq, bələdiyyə qanunvericiliyində büdcə və maliyyə məsələlərini daha dəqiq ifadə etməkdir.
“Bələdiyyələrin statusu haqqında” Qanuna edilən düzəlişdə nəzərdə tutulur ki, yerli büdcənin müzakirəsi və təsdiqi müəyyən olunmuş qaydada təşkil edilmədikdə bələdiyyənin sədri və onun müavinləri vəzifələrindən vaxtından əvvəl kənarlaşdırıla bilərlər. Bu əlavə qanunun 19-cu maddəsinə edilib.
Düzəliş edilən ikinci qanun “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanundur. Qanunun “Yerli büdcənin xərcləri” adlanan 8-ci maddəsinə əlavə olunan abzasda müəyyənləşdirilir ki, yerli büdcə əmək haqlarına ayrılan vəsaitin həcmi ümumi büdcənin əlli faizindən artıq ola bilməz və bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və həmin vəsaitin təyinatı, məqsədi və miqyası bu qərarda göstərilməlidir.
Qanuna edilən ikinci düzəliş “Yerli bələdiyyələrin icrası” adlandırılan 18-ci maddənin 3-cü bəndinə aiddir. Qanunun hazırkı redaksiyasında nəzərdə tutulur ki, bələdiyyələr illik büdcəsinin icrasını təsdiqləyir və yerli əhalini tanış etmək məqsədi ilə dərc edir. Burada məqsəd ondan ibarətdir ki, yerli əhali büdcənin təsdiqi ilə əlaqədar sənədlə tanış edilsin. Ancaq belə bir formada tanışlıq təmin edilmir. Odur ki, təzə düzəliş verilibdir və düzəliş belə səslənir: “Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında illik hesabatı təsdiq edir və yerli əhalinin onunla tanış olması məqsədi ilə” müxtəlif vasitələrlə – elan, bülleten, vərəqə şəklində yerli mətbuatda dərc edir və İnternet saytında yerləşdirirlər. Düzəlişlər bundan ibarətdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Ziyad Səmədzadə. Ziyad müəllim, buyurun, Sizin komitədə də müzakirə olunub.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə bağlı aşağıdakı əlavələr təklif olunur: “–dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirə salınmadan müvafiq materialları Azərbaycan Respublikasının Prokurorluğuna göndərir”.
Digər dəyişikliklər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə əlaqədardır. Buraya belə bir əlavə təklif edilir: “dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kateqoriya sorğusu barədə elanlar və onların nəticələri barədə məlumatların yerləşdirildiyi dövlət satınalmaları rəsmi İnternet saytını yaradır”. “Açıq tender” adlanan 17.2-ci maddədə “məqsədi ilə” sözlərindən sonra “bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına” sözləri əlavə edilir.
22.1-ci maddənin dördüncü abzasında “tenderin elanını” sözlərindən əvvəl “– tender komissiyası tərəfindən tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra” sözləri əlavə edilir. Eyni sözlər 25.1 və 25. 2-ci maddələrə də əlavə edilir. 48.2-ci maddədən “bildiriş dərc edilməsini qənaət və səmərəlilik baxımından məqsədəuyğun sayılmadığı hallar istisna olmaqla” sözləri çıxarılır.
Bu qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri təklif etdilər ki, artıq Azərbaycanda elektron hökumət yaradılır və elektron hökumət yaradıldıqda isə bütün iqtisadi strukturların fəal iştirakı zəruridir. Bu mənada təklif olunur ki, 4.1.10-cu maddəyə “ölkədə elektron satınalmalar sistemi yaradır və onun fəaliyyətini təmin edir” sözləri əlavə olunsun.
Bundan başqa təkliflər də var. Bu təkliflər müvafiq icra orqanı ilə məsləhətləşmələrdən sonra bir daha dinləniləcəkdir. Söhbət ondan gedir ki, bu gün Azərbaycan dünya bazarına çıxır, bir çox ölkələrdə keçirilən tenderlərdə iştirak edir, lakin bu tenderlərdə iştirak etməklə əlaqədar qanunda boşluq var. Təklif edilir ki, malların yerli istehsalçılarının və ixracatlarının xarici ölkələrin dövlət satınalmaları bazarında rəqabət qabiliyyətinin artırılması, həmçinin onların xarici ölkələrin dövlət satınalmaları bazarına çıxışının təmin edilməsi və iştirakının gücləndirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı onlara metodik informasiya hüququ versin və dəstək göstərsin. Bu kimi maddələr bir çox ölkələrin qanunlarında vardır. Millət vəkilləri də belə təklif etdilər. Yəqin ki, bu günlərdə həmin məsələ barədə icra orqanı ilə məsləhətləşmələr aparacağıq.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Əli müəllim, buyurun, Siz də məlumat verin.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Əlavələrin mahiyyəti artıq məlumdur, eynidir. Eyni ilə həmin müddəaların “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında” Əsasnamədə də öz əksini tapması təklif olunur. Mahiyyət ondan ibarətdir ki, ümumiləşdirilmiş, ümumi müraciətlər, şikayətlər aidiyyəti orqanlara, audit təşkilatlara həvalə olunmalıdır. Amma cinayət əməli olan hüquqpozmalar aşkar edildikdə bu zaman Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya materialları mütləq Respublika Prokurorluğuna göndərməlidir. Yəni təxminən eyni fikirdir, amma hər bir orqan üçün istiqamətlər müəyyənləşdirilib, o cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya üçün də. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olunur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir  95
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Dördüncü məsələ “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Bilirsiniz ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanun mövcuddur. Müstəqil Azərbaycanın kifayət qədər orden və medalları məhz bu parlamentdə təsis olunmuşdur. Bunlar bizim dövlətçilik atributlarımızdır. Çox mütərəqqi bir haldır. Amma bizim qanunvericilikdə “orden və medal” anlayışı bu günə qədər verilməmişdir. Ona görə də, hörmətli Ziyafət müəllim, qanuna belə bir əlavənin edilməsi çox vacibdir. Həmin anlayışın verilməsi, eyni zamanda, bu sıradan yol verilən sui-istifadənin qarşısını ala bilər.
Beləliklə, “Orden və medal – vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən təltifdir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən orden və ya medal ifadəsinin hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz”. Məncə, bu əlavə həm mövcud qanunun özünü dəqiqləşdirmiş olur və hər cür sui-istifadə hallarının da qarşısını almağa xidmət edir. Mən komitə sədri kimi bunu mütərəqqi bir hal hesab edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hesab edirəm ki, çox normal bir əlavədir və səsə qoymaq olar. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.48 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1 
İştirak edir  95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Fərdi məlumatlar haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Məlumat verir İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova. Buyurun, Rəbiyyət xanım.
R. Aslanova. Çox sağ olun, Ziyafət müəllim. Bu gün çox maraqlı qanunlar təqdim edirik.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qədim bir hikmət var: “Başqalarına aid olan hər şeyi bilmək arzusunda olan insan özü haqqında hər hansı bir məlumatın sızmasına çox qısqanclıqla yanaşır”. Bu, bəşəriyyət yarandığı gündən formalaşan düşüncə tərzidir. Hətta müxtəlif dinlərdə belə, konkret insana məxsus sirlərin, fərdi məlumatların...
Sədrlik edən. Sağ olun. Rəbiyyət xanım, üzr istəyirəm, bu çox gözəl cümlə idi, amma bunu əvvəlki qanun müzakirə olunanda niyə demədiniz?
R. Aslanova. İndi davam edirəm də, məntiqi ardıcıllığa riayət edirəm.
Sədrlik edən. Çox böyük mübahisələrə son qoya bilərdi bu cümlə.
R. Aslanova. Hətta müxtəlif dinlərdə belə, konkret insana məxsus sirlərin, fərdi məlumatların etibar edilməsi ilə əlaqədar fərqli yanaşmalar mövcuddur. Əgər xristian dinində dindarın özü haqqında məxfi məlumatı din xadiminə etibar edərək, günahlarının bağışlanması istəyi məqbuldursa, İslam dinində belə yanaşma qeyri-məqbul sayılır. Çünki vasitəçilik təsisatını qəbul etməyən İslam dini şəxsi toxunulmazlıq hüququna, fərdi məlumatların məxfiliyinin qorunmasına xüsusi önəm verir.
Fərdi məlumatların qorunması, mühafizəsi insan hüquqlarının tərkib hissəsi olub, şəxsi toxunulmazlıq hüququnun mahiyyətindən irəli gəlir. Bu, insanın təbii hüququdur və təsadüfü deyil ki, 1689-cu ildə İngiltərə parlamenti İnsan hüquqları haqqında Billdə təbii hüquqlar konsepsiyasında bunu xüsusi qeyd etmişdir. İnsan haqqında informasiya həmişə dəyərli olub və bu gün ən qiymətli əmtəəyə çevrilmişdir. Şəxsi həyatın toxunulmazlığı, fərdə məxsus olan məlumatların, şəxsi və ailə sirrinin qorunması hüququ yüksək mənəvi, hüquqi, etik tələb kimi bütün dövrlərdə səslənsə də, konkret hüquqi kateqoriya kimi 1928-ci ildə Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin hakimi Brandeyz tərəfindən elmi dövriyyəyə gətirilib. İlk dəfə məhz bu hüquqşünas ABŞ Konstitusiyasinda rahat yaşamaq, tənha buraxılma hüququnun təsbit edilməsini sübuta yetirdi. Bu addıma qədər isə hələ 1890-ci ildə Brandeyz öz dostu Uorrenlə birlikdə jurnalların birində “Şəxsi sferanın toxunulmazlığı hüququ” adlı məqalə çap etdirdi. Məqalə sarı mətbuatın zərərli fəaliyyətinə, insanlar haqqında olan məxfi məlumatlardan sui-istifadəyə qarşı çevrilmişdi. İctimai münasibətlərin formalaşmasında, cəmiyyətdaxili münasibətlərin tənzimlənməsində hüquqi, etik tələblərin rolunun artmasına çağırış səslənirdi. İnsana aid şəxsi sferaya hər hansı qanunsuz müdaxilənin ciddi cəzalandırılmasının vacibliyi qeyd edilirdi. Dövrün hüquqşünasları etiraf edirdilər ki, heç bir jurnal məqaləsi hüquq ictimaiyyətinə və milli qanunvericiliyə belə təsir göstərməmişdi. ABŞ Konstitusiyasinda yeni bir doktrina – şəxsi toxunulmazlıq hüququnun uğurlu addımları belə başladı.
Tarixə ekskurs etməkdə məqsədim bəhs olunan problemin hər bir tarixi mərhələdə aktuallıq kəsb etdiyini və getdikcə mürəkkəbləşən ictimai-siyasi, beynəlxalq münasibətlər şəraitində yeni xüsusiyyətlər ilə gündəmə gəlməsinə diqqət yönəltməkdir. XX əsrin ortalarında məlum oldu ki, fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsinin artıq yalnız milli qanunvericiliklə təmin olunması qeyri-mümkündür. Müasir insan fiziki olaraq ona qarşı çevrilmiş informasiya təsirlərindən qurtarmaq iqtidarında deyil. 1948-ci ilin İnsan hüquqları Bəyannaməsində, 1950-ci ilin İnsan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasında, 1966-cı ilin Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və sair sənədlərdə bu hüquqlar öz əksini yavaş-yavaş tapmağa başladı. Avropa ölkələri uzun illərdir ki, öz konstitusiyalarında bu müddəaları əks etdirsələr də, yaranan yeni tarixi şərait problemə yenidən baxmaq zərurətini yaratdı.
Avropa Şurasının 1980-ci ildə qəbul edilmiş və 1985-ci ildə qüvvəyə minmiş “Fərdi məlumatların avtomatlaşdırılmış şəkildə işlənməsi haqqında” sənədi, Avropa Parlamentinin “İnformasiya tərəqqisi ilə əlaqədar insan hüquqlarının qorunması” adlı qətnaməsi yaranan yeni iqtisadi-siyasi, sosial, mədəni gerçəkliyin tələbinə uyğun olaraq Avropa ölkələrinə fərdi məlumatların mühafizəsi ilə əlaqədar hüquqi aktların hazırlanmasını tövsiyə etdi. Az sonra qəbul edilən “Fərdi xarakterli məlumatların dövlətlərarası mübadiləsi zamanı şəxsi həyatın qorunmasının vacib istiqamətləri haqqında” qətnamə, Avropa Parlamenti və Avropa İttifaqının 95.46 və 97.66 nömrəli qətnamələri bütün dövlətlərin milli qanunvericiliyində fərdi məlumatlar haqqında qanunun olması vacibliyini bir daha gündəmə gətirdi.
Demokratik inkişaf yolunu seçmiş Azərbaycan Konstitusiyasında da məhz şəxsi toxunulmazlıq hüququ (maddə 32), məlumat azadlığı hüququnun (maddə 50) təsbit olunması bu prinsiplər üzərində milli qanunvericiliyimizin beynəlxalq sənədlər əsasında zənginləşdirilməsi deməkdir. Avropa hüquq məkanına daxil olan, inteqrasiya edən Azərbaycanda artıq qəbul edilən çoxlu sayda qanunlar əsasında yeni bir məkan – informasiya təhlükəsizliyi məkanı formalaşdırılıb. Bu, informasiyalı cəmiyyətin əsas tələbidir. İnkişaf etmiş ölkələrdə informasiya cəmiyyətinin formalaşması futuroloji proqnoz deyil, günün reallığıdır. Ölkəmizin dünya informasiya məkanına daxil olması, informasiyalı sivilizasiyanın uğurlarından hər kəsin istifadəsi, elektron- kommersiya vasitələrinin formalaşması xeyli dəyişikliklərə səbəb oldu. Bu gün əhalinin həyat tərzinin əsaslı şəkildə dəyişməsi, insanların davranışında yeni sosial-psixoloji modelin formalaşması göz qarşısındadır. İnformasiya təhlükəsizliyi məkanı bizi də dəyişdirir. İnformasiyanın milli sərvətə çevrilməsi şəraitində insan hüquqlarının əsas prinsiplərinə, xüsusilə fərdi məlumatların mühafizəsinə diqqətin artırılması dövlətin əsas vəzifəsidir.
Müasir avtomatlaşdırılmış informasiya sisteminin özəlliyi ondadır ki, bu gün dövlət millətüstü sistemə çevrilir, milli sərhədləri aşır, yeni müsbət cəhdlərlə yanaşı, gözlənilməz hallar, təhlükələr yaradır. Bəlkə də bu təhlükələrdən xilas olmaq üçün beynəlxalq təşkilatlar ictimaiyyətin diqqətini bu gün bir məsələyə yönəldir. 28 yanvar fərdi məlumatların müdafiəsi günü kimi qeyd olunur. 2007-ci ildən qeyd olunan bu gün, təəssüf ki, Azərbaycanda qeyd olunmayıb.
Bu gün daha çox insan yaşından, fəaliyyət sferasından asılı olmayaraq özü haqqında məlumatı sosial şəbəkə, bloqlar, videohostinq vasitəsi ilə yayımlayır. Son zamanlar təsərrüfat mexanizmlərinin dəyişməsi, sosial-iqtisadi xarakterli məlumatların geniş miqyasda toplanması və işlənməsi, mühafizəsinin konstitusion hüquqi tənzimlənməsi, texniki-hüquqi təchizatının durumu konfidensial xarakterli fərdi məlumatlara xüsusi ciddi yanaşma tələb edir.
Bu gün cəmiyyətdə çoxlu sayda informasiya toplayan subyektlər yaranıb. İnformasiyanın üzünün köçürülməsi, ötürülməsi prosesi asanlaşıb. Bu isə cinayətkar biznesin, kibercinayətkarlığın sərhədlərini genişləndirib. Yadınıza gəlirsə, çox az vaxt bundan öncə biz “Kibercinayətkarlıq haqqında” Konvensiyaya qoşulduq. Bu da vacib tələblərdəndir. Kibercinayətkarlıqla əlaqədar böyük dövlətlər çox böyük maliyyələr itirir. Məsələn, Amerika Birləşmiş Ştatlarının bir ildə bununla əlaqədar itirdiyi vəsait 60 milyard dollara yaxındır. Bank strukturlarının, iri kommersiya şirkətlərinin, dövlət və ictimai təşkilatlarının məlumat bazasının dağılmasından ziyan çəkən də ilk növbədə vətəndaşlar olurlar. Bir anlığa gəlin fikirləşək, hər hansı kredit təşkilatı və yaxud telekommunikasiya şirkəti öz müştəriləri haqqında məlumatı itirərsə, sözsüz, bu onu məhvə sürükləyən bir addım olar.
Hörmətli millət vəkilləri, bu gün müzakirənizə təqdim olunan qanun layihəsinin zəruriliyini belə izah etmək olar. Bu qanunun qəbul edilməsi olduqca vacib məsələdir. Bu gün bununla əlaqədar Daxili İşlər Nazirliyinin bu sahədə çalışan müvafiq strukturlarının rəhbərləri, Dövlət Reyestr Xidmətinin nümayəndələri buradadırlar. “Dövlət reyestri haqqında” Qanun qəbul edildikdən sonra formalaşan Dövlət Reyestr Xidmətinin nümayəndələrində bəhs etdiyimiz məsələ haqqında kifayət qədər məlumatlar var. Amma mən qanun layihəsinin ayrı-ayrı maddələri haqqında danışmaq və qanunun mahiyyətindən irəli gələn məqamları diqqətinizə çatdırmaq istərdim.
Qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir. Qanun layihəsinin məğzi məhz fərdi məlumatların subyektinin hüquqlarının müdafiəsinə yönəlmişdir. Qanun layihəsində istifadə olunan əsas anlayışlarla əlaqədar olaraq mən digər ölkələrin qanunlarındakı anlayışlarla burada olan anlayışlar arasındakı fərqə baxdım. Mənə elə gəlir ki, bu qanun layihəsi çox mükəmməl yazılıb, burada hər bir anlayış haqqında olduqca dolğun və məzmunlu məlumat verilir. Nəhayət, bu gün dilimizdə olan və yaşamaq hüququ qazanan ifadələr, fərdi məlumatların subyekti, fərdi identifikasiya nömrəsi, xüsusi kateqoriyalı məlumatlar, konfidensial məlumatlar, mülkiyyətçi, operator kimi anlayışların hər birinin statusu çox dəqiq müəyyən edilmişdir.
Fərdi məlumatların toplanması, işlənməsi, mühafizəsi olduqca çətin və məsuliyyətli bir məqamdır. Bu gün Azərbaycanda çoxsaylı informasiya sistemləri var və bu informasiya sistemlərinin bir-biri ilə uzlaşması, əldə olunan məlumatların bir araya toplanılması, həmin sistemlərin üzərindəki məsuliyyət və nəzarət mexanizminin yaradılması da vacibdir. Əgər yadınızdadırsa, “İnformasiya azadlığı haqqında” Qanunda biz informasiya müvəkkili məsələsini gündəmə gətirmişdik. Çox təəssüf ki, bütün bu vaxt ərzində informasiya məsələləri üzrə müvəkkil institutu formalaşa bilmədi.
Bir məqamı da qeyd edim. Rusiyada “Roskomnadzor” deyilən qurum var. Bu qurum həm dövlət, həm yerli özünüidarə, həm də fiziki şəxslər haqqında məlumatların mühafizəsini təşkil edir, qoruyur, saxlayır, toplayır, işləyir, bunlar üzərində bir nəzarət funksiyasını yerinə yetirir. Bu qurumun səlahiyyətləri olduqca böyükdür. Bir il ərzində 100-dən çox informasiya sisteminin məhkəməyə və yaxud prokurorluğa verilməsi, hüquq mühafizə orqanları tərəfindən onların işlərinə baxılması göstərir ki, doğrudan da, dövlətin bu sahədə məsuliyyəti çoxdur və o hər bir fərdə aid olan məlumatların qorunması üçün həm özü məsuliyyət daşıyır, həm də sistemlərin məsuliyyətini artırmaqda davam edir. İstənilən şəxs hər hansı bir informasiya sistemi yarada bilməz. Sözsüz, bununla əlaqədar güclü lisenziyalaşdırma işi aparmaq lazımdır, dövlət ekspertizası keçirilməlidir.
Nəhayət, əsas məsələ informasiya sistemində toplanan məlumatlarla bağlıdır. Rusiyada bu məlumatlar dörd növdən ibarətdir. Bizim təqdim etdiyimiz qanun layihəsində bu məlumatların üç növü göstərilir: konfidensial, açıq və xüsusi məlumatlar. Görünür, dördüncü növ məlumatlar dövlət sirrinə aid məlumatlardır ki, bunlar da qanun layihəsində öz əksini tapmayıb.
Fərdi məlumatların, informasiya sistemlərinin reyestr məsələsi ilə əlaqədar komitəmizin iclasında müxtəlif fikirlər, ideyalar səsləndi. Amma inanıram ki, deyilən hər bir söz, hər bir fikir bu qanun layihəsinin ikinci oxunuşa daha da mükəmməl şəkildə təqdim olunmasına yardım edəcək.
Burada müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri də göstərilir. Azərbaycan hansı modeli yaradacaq? Moldova və yaxud Rusiya modelini götürəcək? Azərbaycan mövcud olan bütün informasiya sistemlərini bir araya toplayacaq, yaxud Azərbaycan reallığına, gerçəkliyinə uyğun olaraq ayrıca bir modeli seçəcək? Ancaq bir məsələ var. Ən əsası odur ki, hər bir Azərbaycan vətəndaşına aid məlumatların toplanılması, qorunması, işlənilməsi və lazımi məqamda həmin məlumatların məhv edilməsi məsələsi ciddi nəzarət edilməklə, məsuliyyətlə həyata keçirilməlidir.
Qanun dövrün tələbinə uyğun qanun olacaqdır və hesab edirəm ki, öz hüquqlarını gerçəkləşdirmək arzusunda olan, öz fərdi məlumatlarının taleyinə biganə olmayan hər bir şəxs bu qanunun qəbul edilməsinə etiraz etməz. Çünki Azərbaycan vətəndaşının şəxsi toxunulmazlıq hüququ, fərdi məlumatları məsələsi, ailə sirri, şəxsi həyata müdaxilə – bütün bunlar bizim üçün vacib məsələlərdir. Ziyafət müəllim, hesab edirəm ki, həmin prosesin məntiqi davamı kimi bu qanunu qəbul etsək, əvvəlki problemlər də həll olunacaqdır.
Hörmətli millət vəkilləri, qanun layihəsinə səs verməyinizi və qanun layihəsi ilə, onun müddəaları ilə əlaqədar fikirlərinizi bildirməyi xahiş edirəm. Hesab edirəm ki, bu, dövrün, zamanın, gerçəkliyimizin tələbinə uyğun bir qanun olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım, təşəkkür edirəm. O qədər gözəl, dərin təhlil verdiniz ki, danışmaq istəyən yoxdur. Qanun layihəsi ikinci oxunuşda müzakirə olunur. Xahiş edirəm, qanun layihəsini əsas kimi qəbul edək, sonra müzakirəyə başlayarıq.

Səsvermənin nəticələri (saat 17.03 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir 99
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Gülər xanım, buyurun. Qanun layihəsi 5 fəsildən, 19 maddədən ibarətdir. Ona görə də bütün fəsillərdən danışmaq olar, amma qəbul edəndə iki hissəyə bölərik. Buyurun.
G. Əhmədova. Təşəkkür edirəm, Ziyafət müəllim. Bundan öncəki məsələnin müzakirəsi üçün yazılmışdım. Amma belə başa düşdüm ki, nə isə dəyişiklik baş verdi, icazə versəydiniz, həmin məsələ ilə bağlı...
Sədrlik edən. Rəbiyyət xanım məsələləri əlaqələndirdi.
G. Əhmədova. Təşəkkür edirəm. Əslində, düz deyir, bu qanunlarda məntiqi ardıcıllıq var. Deyərdim ki, bundan öncəki məsələ ilə bağlı çox maraqlı çıxışınız oldu. Mənə elə gəldi, həm beynəlxalq hüquq, həm də Konstitusiya baxımından o dərəcə açıq-aşkar informasiya verdiniz ki, deyiləsi yeni bir söz qalmadı. Bu baxımdan verdiyiniz açıqlamalara görə təşəkkür edirəm.
Eyni zamanda, mən bilirəm ki, hörmətli millət vəkillərimizin çox böyük əksəriyyəti islami dəyərlərlə, Qurani-Kərimdə olan bütün məsələlərlə bağlı hər zaman öz mövqelərini bildirirlər. Mən də, icazə versəydiniz, məhz bu məsələ ilə bağlı dinimizin sütunu olan Qurani-Kərimdən “ Nur” surəsini yada salardım. Çünki həmin surədə göstərilir ki, valideynlərinizin və ya övladlarınızın otağına girərkən belə, bir dəfə qapını çaldıqdan sonra səs gəlməzsə, 4 rükət namaz qılınan vaxt keçənə qədər gözləmək, yalnız bundan sonra ikinci dəfə qapını çalmaq olar. Bu, ailə daxilində valideynlərə və övladlara verilən tövsiyədir.
Mən bayaq deyilən bütün fikirlərə qoşularaq, sadəcə, qeyd eləmək istəyirəm ki, qəbul etdiyimiz əlavə və dəyişikliklər mənəviyyatımıza da, dinimizə də uyğun məqamlardır. Çox xahiş edərdim ki, bu məsələlər də hər zaman mənəviyyatımızla bağlı çıxışlarda yerini tuta bilsin.
Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanun layihəsi ilə bağlı mən bir məsələni yadınıza salmaq istəyirəm. Bir neçə gün bundan öncə Avropa Parlamentinin üzvləri çox böyük coşqu ilə bir qanunu geri qaytardılar. Burada Avropadakı insanların bank hesabları haqqında fərdi məlumatların Amerika Birləşmiş Ştatları tərəfindən öyrənilməsi ilə bağlı bir məsələ qaldırılmışdı. Avropa Parlamentində bu məsələ ciddi surətdə müzakirə olunandan sonra hər bir şəxsin bank məlumatlarının Amerika Birləşmiş Ştatlarına verilməsi məsələsinə etiraz etdilər. Həmin məsələ də Avropa Parlamentində bu cür həll olundu.
Mən başa düşürəm ki, müəyyən qanunvericilik aktları, beynəlxalq sənədlər var. Azərbaycanda bu məsələlər, şübhəsiz ki, müzakirə olunacaq. Mənə belə gəlir ki, biz qanunumuzda boşluğu bu gün görmürüksə, nə zamansa həmin boşluq ciddi problemlər yarada bilər. Mən bunu təəssüflə demək istəyirəm. Bu gün İnternetdən istifadə edən hər bir şəxs gözəl bilir ki, müəyyən saytlarda, konkret olaraq “YouTube”da Azərbaycanın, Azərbaycanın iqtidarının əleyhinə videogörüntülər, videoçarxlar var. Mən bunların ermənilər tərəfindən hazırlandığına əminəm və inanıram ki, sadəcə, təxribat xarakterli materiallar ötürülür. Burada fərdi məlumatlar, kiminsə ailəsi, şəxsiyyəti haqqında tamamən təhqiredici formada olan məlumatlar var.
Bu gün qanun layihəmizi çox rahat yazmışıq. Qanun layihəsinə baxarkən bu sahədə sülh, atəşkəs, sakitlik və rahatlıq görürsən. Qanun layihəsində belə fərdi məlumatların transsərhəd ötürülməsi məsələsi haqqında maddə var. Təəssüflə demək istəyirəm ki, bu gün Azərbaycanın İnternet məkanında çox ciddi problemlər var. Fərdi məlumatların ötürülməsi ilə bağlı da belə problemlərin olacağını mən heç istisna eləmirəm.
Bayaq Rəbiyyət xanım dedi ki, biz ya Moldova, ya Rusiya modelini götürə, ya da Azərbaycana xas olan yeni bir model hazırlaya bilərik. Şəxsən mənim üçün Moldova modeli qətiyyən arzuolunmaz bir modeldir. Mən bu modeli, ümumiyyətlə, məqbul hesab etmirəm. Bizim qəbul edəcəyimiz model var. Rusiya modelinin, şübhəsiz ki, bəzi məqamlarını nəzərə ala bilərik. Amma mən çox istərdim ki, qanun layihəsinin üzərində işləyən fərdi məlumatların transsərhəd formada ötürülməsi məsələlərində reallıqları nəzərə alsınlar. Bu gün Azərbaycanın İnternet məkanında hansı işlərin görüldüyünü ciddi surətdə təftiş etsinlər və bununla bağlı olaraq qanun layihəsində xüsusi maddələr yazılsın. Baxıram ki, bu məsələlərlə bağlı qanun layihəsində xeyli boşluq var. Çox təkidlə xahiş edərdim ki, bu maddələr üçüncü oxunuşa kimi qanun layihəsinə əlavə edilsin.
Bəzi hallarda biz müəyyən qanunu qəbul edirik, daha sonra insanlarla, seçicilərimizlə görüşlərimizdə məlum olur ki, bəzi məqamlar nəzərimizdən qaçıb. Amma İnternet elə bir məkandır ki, orada hər gün nə isə dəyişir və yeni texnologiyalar yaranır. Azərbaycanda bu texnologiyalara qarşı duran mütəxəssis kifayət qədər deyil və ya yoxdur. Rusiyada belə mütəxəssislərin sayı çox yüksəkdir. Bayaq Rəbiyyət xanımın adını çəkdiyi qurumlarda da çox yüksək səviyyəli İnternet mütəxəssisləri çalışırlar. Bizdə belə mütəxəssislər yoxdur. Azərbaycanın hazırkı vəziyyətini, Qarabağ problemini nəzərə alaraq əminliklə deyə bilərəm ki, fərdi məlumatlarla bağlı təxribat xarakterli məqamlar olacaq. Ona görə də bir daha xahiş etmək istərdim ki, üçüncü oxunuşa qədər qanun layihəsinə fərdi məlumatların transsərhəd ötürülməsi ilə bağlı xüsusi maddə əlavə olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. Gülər xanım, çox sağ olun, təşəkkür edirəm. Mən də Sizinlə razıyam ki, biz prosesi uduzmamağa çalışmalıyıq. Burada hər bir məsələ öz əksini tapmalıdır. Yəqin ki, üçüncü oxunuşa qədər bütün bunlar nəzərə alınacaq. Amma Sizinlə razı deyiləm ki, bizdə İnternet mütəxəssisləri yoxdur. Bizim çox gözəl, özü də dünya səviyyəli İnternet mütəxəssislərimiz var. Ola bilsin, azdır, amma var. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Bu qanun layihəsinin təqdimatını hörmətli həmkarım Rəbiyyət xanım elə geniş, ətraflı etdi ki, doğrusu, danışmaq üçün başqa bir yer qalmadı. Son dövrlərdə dünyada gedən inteqrasiya proseslərini, böyük insan kütləsinin axınını, beynəlxalq cinayətlərin çoxalmasını nəzərə alsaq, onda belə bir qanunun milli qanunvericilik üçün nə dərəcədə zəruri olduğunu daha yaxşı anlamaq olar. Mən belə bir qanunu Azərbaycan qanunvericiliyi üçün gərəkli hesab edirəm və bu layihənin qəbul olunmasına səs verəcəyəm. Yalnız qanun yaradıcılığı baxımından bəzi məqamların üzərində dayanmaq istəyirəm.
Birinci, 5-ci maddədə fərdi məlumatlar iki qrupa – konfidensial və açıq məlumatlara bölünür. Amma hörmətli Rəbiyyət xanım özü də qeyd etdi ki, layihədə isə 3 qrup fərdi məlumatdan söhbət gedir. Açıq, xüsusi və konfidensial. Mən bunu komitənin iclasında da demişdim. Burada fərdi məlumatların 3 kateqoriyasını qeyd etmək daha düzgün olardı.
Bundan başqa, anlayışlarla bağlı 2.1.9-cu maddədən söhbət gedir. Burada fərdi məlumatların mülkiyyətçisi qismində dövlət orqanları və ya yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslərdən bəhs edilir. Mən komitənin iclasında da demişdim. Hansı fiziki şəxslər fərdi məlumatlar kimi çox qiymətli əmtəənin mülkiyyətçisi ola bilərlər? Düzdür, bu və ya digər cinayət işinin istintaqı ilə bağlı vəkil bu sifətdə çıxış edə bilər. Fiziki şəxs həmin məlumatları toplaya bilər. Amma həmin hüququ yalnız bu cür xidməti vəzifəsini icra edən fiziki şəxslərə vermək olar. Hər bir fiziki şəxsə fərdi məlumatları toplamaq və onun mülkiyyətçisi olmaq hüququnun verilməsi, düşünürəm ki, düzgün deyil. Əgər fiziki şəxsə belə bir hüquq verilirsə, ona bu fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziyanın verilməsi, lisenziyanın geri alınması, onun məhkəmə qaydasında lisenziyadan məhrum edilməsi, lisenziyadan məhrum ediləndən sonra toplanan fərdi məlumatların taleyi barədə məqamlar layihəyə daxil olunmalıdır. Mən düşünürəm ki, bunlar daxil edilsə, layihə daha mükəmməl olardı.
Bundan başqa, 4-cü maddədə fərdi məlumatların toplanması, işlənməsi və mühafizəsi ilə bağlı prinsiplər göstərilir. Burada maraqlı prinsip var – könüllülük və məcburiliyin uzlaşması prinsipi. Mən düşünürəm, bir halda ki məcburiyyət qanunun bir prinsipi kimi çıxış edir, burada qanunverici məsələyə ehtiyatla yanaşmalıdır. İnsan hüquqlarının pozulmaması baxımından hansı hallarda məcburiyyət prinsipinin tətbiq ediləcəyi geniş şərh olunmalıdır. Mən düşünürəm ki, məcburiyyət prinsipi yalnız məhkəmənin qərarı ilə tətbiq olunmalıdır.
Bundan başqa, ümumiyyətlə, layihədə hansı fərdi məlumatların toplanmasına yol verilməməsi barədə müddəa yoxdur. Doğrudanmı insan haqqında bütün fərdi məlumatları toplamaq olar? Məsələn, onun cinsi oriyentasiyası, pis vərdişləri haqqında məlumat toplamaq olar? Düzdür, bəzi insanlar deyə bilərlər ki, identifikasiya üçün bunlar yararlı olan məlumatlardır. Amma bütün məlumatların toplanması və qanunverici üçün hədd qoyulmaması, düşünürəm ki, düzgün deyil. Dediyim iradlar heç də bu qanunun əhəmiyyətini azaltmır. Mən düşünürəm ki, milli qanunvericilik üçün gərəkli bir qanun olacaqdır. Ona görə də hörmətli həmkarlarımı bu layihəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Rafael müəllim. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli sədarət, hörmətli Milli Məclis! Mən də hesab edirəm ki, Rəbiyyət xanım kifayət qədər ətraflı məlumat verdi və bu qanunun cəmiyyətimiz üçün nə qədər zəruri olduğunu Milli Məclisə çatdırdı. Ona görə, şübhəsiz, qanun layihəsinə səs verəcək və qəbul edəcəyik. Mən hesab edirəm ki, Azərbaycanın elmi potensialı, ayrı-ayrı elm adamlarımızın gördükləri işlər də, əslində, onların fərdi sərvətləridir və onların fərdi məlumatları sırasına daxildir. Buna görə də Azərbaycanın həmin fərdlərinin yaratdıqları sərvətlər Azərbaycanın böyük mənəvi potensialını təşkil edir. Ayrı-ayrı böyük şəxsiyyətlərimizin, alimlərimizin arxivlərinin, sənədlərinin, gördükləri işlərin qorunması, mənə elə gəlir ki, müəyyən mənada bu qanunun qəbulu ilə bağlıdır.
Yeri gəlmişkən, bir məsələyə toxunmaq istəyirəm. Bu gün səhər iclasında İranda həbs olunmuş Rəşid Əliyev adlı alimimizlə bağlı bir məsələyə toxunuldu. Lazer texnologiyası üzrə Azərbaycanın böyük, qüdrətli alimlərindən biridir və bu sahədə xüsusi xidməti var. İranda uzun müddət çalışıb, sonuncu dəfə onu həbs ediblər. Mən Milli Məclisə məlumat verməyi özümə borc bilirəm. Bu yaxınlarda İslam Konfransı Təşkilatının Parlament İttifaqının Uqandada keçirilən VI sessiyasında bir sıra ölkələrin parlament sədrləri ilə, o cümlədən Türkiyənin, İranın, İndoneziyanın, Əlcəzairin parlament sədrləri ilə görüşdüm. Millət vəkili, həmkarım Cavanşir Paşazadə ilə bərabər orada çıxışlarımız, görüşlərimiz oldu. Həmin sessiyaya bir çox ölkənin parlament başçıları gəlmişdilər.
İran Milli Məclisinin sədri Əli Laricani ilə də görüşdük. Sözün qısası, bu görüşdə Azərbaycan Milli Məclisi ilə əlaqələrin genişlənməsi barədə onlar öz fikirlərini dedilər və bizim Sədri İrana dəvət etdiklərini, gözlədiklərini çatdırdılar. Burada fizika alimlərimiz mənə müraciət etmişdilər. Görüşün sonunda mən Əli Laricaniyə Rəşid Əliyevin haqsız yerə həbs edilməsi ilə bağlı alimlərimizin məlumatlarını çatdırdım və xahiş etdim ki, bu məsələ ilə məşğul olsun. İranın nüvə texnologiyası ilə məşğul olan alimi bu yaxınlarda öldürülüb, bunu yüksək tribunadan öz çıxışında Sədr də dedi. Mən də ona dedim ki, çıxışınızda öz aliminizin taleyinə yanıb danışırsınız, R.Əliyev də bizim görkəmli alimimizdir və xahiş edirik, bizim alimimizə qarşı qonşu ölkədə haqsızlıq olmasın, bu bizim münasibətlərimizə mənfi təsir göstərə bilər.
Mən bu məlumatı verməklə demək istəmirəm ki, Oqtay müəllim və millət vəkilləri hökmən qol çəkib müraciət qəbul etsinlər. Düzdür, bu çox vacib, zəruri bir işdir. Yəqin ki, Oqtay müəllim İrana gedəndə bu məsələyə toxunacaq. Amma mən məlumat vermək istəyirəm ki, artıq İran parlamentinin başçısı Əli Laricaniyə mən Azərbaycanın millət vəkili olaraq bu məsələni çatdırmışam. O da dedi ki, mən bu məsələni dəqiq bilmirəm. Amma köməkçilərinə tapşırdı ki, qayıdana kimi bu barədə məlumat toplasınlar və ona məlumat versinlər. Dedi ki, mən də bu məsələnin həllinə kömək edəcəyəm. Bu qədər.
Sədrlik edən. Sağ olun. Zahid Orucov, buyurun.
Z. Orucov. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən belə hesab edirəm ki, vətəndaş azadlığı, hüquqları ilə bağlı çox mühüm bir sənədi müzakirə edirik. Hörmətli Rəbiyyət xanım çox ətraflı, beynəlxalq praktikanı özündə daşıyan, böyük informasiyalarla zəngin olan bir təqdimat verdi. Buna görə Rəbiyyət xanıma təşəkkür edirəm. Açığı, burada qeyd etmək yerinə düşər ki, qanun layihəsini kimin təqdim etməsi də çox mühüm rol oynayır. Rəbiyyət xanım hətta vətəndaş maraqlarının əleyhinə bir müddəa irəli sürsəydi belə, hərçənd bunu heç ağlıma gətirmirəm, bunu insanlar yalnız Rəbiyyət xanımın şəxsiyyətinə görə qəbul edərdilər.
Mən burada bir neçə məsələni qaldırmaq istəyirəm. Açığı, bu məsələ məni çox narahat edir. Bəlkə də birinci oxunuş olduğuna görə bu qanun layihəsinin bütün mahiyyəti tam miqyası ilə bizə bəlli deyil, onun üçün də bu cür suallar yarana bilər. Bəlkə də artıq bu praktikanı yaşayan Rusiyanın, Moldovanın və ya digər ölkələrin həyatında bu çox normal işləyir. Amma ilk dövrdə hər şey süngü ilə qəbul olunur, sonra gül-çiçəklə də yola salınır. Mənim üçün birinci növbədə bu önəmlidir ki, şəxsiyyət və ya fərd haqqında hansı kateqoriyalı informasiyalar toplanacaq? Mən burada göstərilən kateqoriyalara baxdım. Hansı xarakterli, yəni mənşəyi, ailə vəziyyəti, baxışları və sairlə əlaqəli məlumatlar nəzərdə tutulur? Orada “əqidə” deyilən bir termin gördüm, mənim üçün qeyri-müəyyəndir. İnsanın həyat əqidəsi də, siyasi əqidəsi də, dini etiqadı da var və sair. Mən bilmirəm, hansı xarakterli informasiyanı buraya daxil edəcəklər? Bu fikir ifadə edilsə, yaxşı olardı. Bəlkə də əsas anlayışlardan bəhs edilən hissədə göstərilə bilərdi.
İnsanın ictimai mənşəyi ilə bağlı anlayışlar var. Hamı özünün keçmişini xüsusilə soyadlarla bağlı qulluqçulaşdırmaqdadır, amma mənim ictimai mənşəyim sadə, sıravi zəhmət adamlarından ibarətdir. Mənşə məsələsi, təbii ki, bugünkü insanların hamısına tətbiq olunmayacaq, yəqin, onların şəcərə məlumatlarına kiçik də olsa, müdaxilə oluna bilər. Bu necə olacaq? Mənim üçün bu məsələlər qeyri-müəyyəndir.
Hörmətli Rafael müəllim burada bu informasiya sistemlərinin mülkiyyətçisi ilə bağlı məsələyə toxundu. Həm istifadəçiyə, həm də mülkiyyətçiyə çox geniş hüquqlar verilir. Təbii, onlar konfidensial informasiyalarla bağlı dillərindən iltizam verirlər. Həmin məlumatların qorunmasına dövlət də ciddi qaydada yanaşır. Amma yerli özünüidarə orqanlarına informasiya mülkiyyətçisi hüququnun verilməsinə nə ehtiyac var? Mən bunu xüsusi qurum kimi təsəvvür edirəm. Düzdür, hörmətli həmkarım Siyavuş Novruzov burada olsaydı, çox məmnunluqla deyərdi ki, narahat olmayın, hamı, xüsusilə də palamentarilər haqqında informasiyalar onsuz da toplanır. Ancaq doğrusu, bu məsələ də mənim üçün qeyri-müəyyəndir. Fiziki şəxslərə belə bir hüquq verilir.
Biz bilirik ki, bu gün indi əlləri hər şeydən üzülənlər informasiyalar üzərində kifayət qədər manipulyasiyalar qura bilirlər, xüsusilə də şəcərə, ailə vəziyyəti, şəxsi həyat və başqa məsələlər haqqında. Günün birinci yarısında bu məsələlərlə bağlı geniş müzakirələr açmışdıq. Ona görə yerli özünüidarə orqanlarına və ya fiziki şəxslərə belə bir hüququn verilməsinin tamamilə əleyhinəyəm. İnsanlarımız var ki, çox mürəkkəb ailə quruluşuna malikdirlər. Doğrusu, mən bilmirəm, informasiya toplayanlar bunu necə edəcəklər? Nikahdankənar doğulanlardan tutmuş, ailə vəziyyətinin ən müxtəlif situasiyalarını yaşayanlara qədər var. Kim isə deyə bilər ki, burada nə var, adi bir məsələdir, bir forma tapacaqlar. Bu da mənim üçün qeyri-müəyyəndir. Kəşfiyyat orqanlarının topladıqları informasiyalardan bunun fərqi nədən ibarət olacaqdır? Bu məsələ də mənim üçün qaranlıq olaraq qalır.
Fərdi məlumatların transsərhəd ötürülmə məsələsindən bəhs edilir. Vətəndaşa, təbii, deyildiyi kimi, burada müəyyən hüquqlar verilir, vətəndaş həmin məlumatlarla tanış ola bilər, onun sorğusuna cavab verilməlidir. Əks halda müəyyən addımlar ata bilər və sair. Amma biz bilirik ki, qanunun hər hansı müddəası praktikada zəif və hətta pis işləyə bilər. Bu halda vətəndaş informasiyanın haraya verilməsi ilə bağlı, doğrudan da... Həmin maddələrə yeni müddəalar daxil eləməklə vətəndaşın hüququnun dövlət tərəfindən qorunmasına nail olmalıyıq. Çünki insanın, mənim aləmimdə, şəxsi həyatının fərdi məlumatlarından böyük mülkiyyəti, əmlakı, hətta müqəddəs dərəcədə böyük hüququ bəlkə yoxdur.
Bütövlükdə qanun layihəsi təkmildir, kifayət qədər normal dildə hazırlanıb, qanunvericilik texnologiyasının dəyərlərini özündə ifadə edir. Rəbiyyət xanıma görə mən bu fikirləri söyləməyə də bilərdim. Amma düşüncələrim, hesab edirəm ki, faydalı sayıla bilər. Mən bu sənədə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. Güman edirəm ki, səsə qoymaq olar.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Verdiyiniz sualları və Rafael müəllimin də qaldırdığı məsələləri Rəbiyyət xanım, yəqin, üçüncü oxunuşa qədər araşdırar. Əgər etiraz yoxdursa, xahiş edirəm, birinci üç fəsilə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir 101
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. IV və V fəsillərə, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.26 dəq.)
Lehinə 89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Bütövlükdə qanun layihəsinə ikinci oxunuşda, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.26 dəq.)
Lehinə  95
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0 
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun, təşəkkür edirəm.
Nəhayət, bügünkü gündəliyin axırıncı məsələsinə keçirik. Bu qanun layihəsi keçən iclasdan qalır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Bu qanun layihəsi də ikinci oxunuşda müzakirə ediləcək. Qanun layihəsi haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verir. Ziyad müəllim, bu qanun layihəsi ilə hamı tanışdır. Xahiş edirəm, mümkünsə, qısa məlumat verin ki, müzakirəyə vaxtımız olsun. Çox sağ olun, buyurun.
Z. Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş və birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin müzakirəsi zamanı deputatlarımız tərəfindən irəli sürülmüş təkliflərlə bağlı məqamların qanun layihəsində müvafiq şəkildə nəzərə alınması üçün Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin, həmçinin Maliyyə Nazirliyinin, Dövlət Sığorta Nəzarəti Xidmətinin təmsil olunduğu işçi qrupu yaradılmış, İqtisadi siyasət komitəsinin, Sosial siyasət komitəsinin üzvləri ilə mütəmadi və ardıcıl qaydada keçirilən görüşlərdə qeyd olunan təkliflər bir-bir elmi və təcrübi cəhətləri öyrənilməklə müzakirə olunmuşdur.
Həm birinci oxunuşda hörmətli deputatlar Hadi Rəcəbli, Əli Məsimli, Musa Quliyev, Vahid Əhmədov, Zahid Orucov, Rafael Cəbrayılov tərəfindən irəli sürülmüş təkliflərlə, həm də İqtisadi siyasət və Sosial siyasət komitələrinin birgə iclasında qaldırılmış məsələlərlə bağlı işçi qrupu tərəfindən qanun layihəsinə edilmiş müəyyən düzəlişlər Prezident Administrasiyası ilə də müzakirə edilmiş və layihənin razılaşdırılmış versiyası ikinci oxunuş üçün təqdim olunmuşdur.
Qanun layihəsinə birinci oxunuşdan sonra Milli Məclisdə irəli sürülmüş təkliflər əsasında edilmiş əlavə və dəyişikliklər barədə bir sıra məqamları diqqətinizə çatdırmaq istəyirəm. Qanun layihəsinin 2.0.1-ci maddəsində verilən anlayışda “sığorta” sözündən sonra “(bundan sonra – icbari sığorta)” yazmaqla layihənin mətnində tez-tez istifadə olunan sözlərin hər dəfə təkrar olunması aradan qaldırılmışdır. “Peşə xəstəliyi” anlayışının yalnız istehsalatdakı əlverişsiz amillərin təsiri nəticəsində baş verən xəstəliklərlə məhdudlaşdırılmaması üçün həmin anlayış əlverişsiz və zərərli istehsalat amilləri ilə əlaqələndirilmişdir. “Faydalanan şəxs” anlayışının çıxarılması ilə bağlı irəli sürülmüş təkliflər bu gün də diqqətdə qalır. Mən vaxtınızı almaq istəmirəm. Biz dilçi alimlərlə də, Terminologiya Komissiyasının üzvləri ilə də bu məsələni müzakirə etmişik. “Faydalanan şəxs” sözünün “sığorta ödənişini almaq hüququ olan şəxs” sözləri ilə əvəz edilməsi təklif olunur.
Layihədə edilmiş dəyişikliklərdən biri də sığorta olunanların kateqoriyasını əks etdirən 3-cü maddə ilə bağlıdır. Təbii fəlakətlərin təkcə nəticələrinin aradan qaldırılmasına deyil, həmçinin qarşısının alınması işlərinə cəlb edilmiş şəxslərin də sığorta olunanlar hesab edilməsi üçün 3.2.6-cı maddədə müvafiq dəyişikliklər edilmişdir. Hörmətli həmkarım Zahid Orucovun irəli sürdüyü təklif əsasında 3.2-ci maddədə müvafiq dəyişikliklər edilməklə müqavilələrin bir-bir qeyd olunmasının əvəzinə “xarici neft şirkətləri ilə neft-qaz əməliyyatları üzrə bağlanmış və Azərbaycan Respublikasının qanunları ilə təsdiqlənmiş Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər, həmin Sazişlərdə nəzərdə tutulduğu hallarda istisna olmaqla” sözləri yazılmışdır.
Sığorta təminatının həddi dedikdə pul ilə ifadə olunan müvafiq sığorta məbləği başa düşüldüyü və bu həddin sığorta olunanların kateqoriyasından və peşə risklərinin dərəcəsindən asılı olaraq müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsi nəzərdə tutulduğu üçün 7.3 və 11.4-cü maddələrdə “sığorta təminatının həddi” sözləri “sığorta təminatının həcmi” sözləri ilə əvəz olunmuşdur.
9.1.4-cü maddədə sığortaçının hüquqları sırasına sığorta hadisələri üzrə məlumatı əldə etmək hüququ da daxil edilmişdir. 11.1-ci maddədə müvafiq icbari sığorta müqaviləsini aparmaq hüququ olan sığortaçı ilə bağlı şərtlərdə onun həyat sığortası üzrə hər hansı fəaliyyət deyil, məhz sığorta fəaliyyəti üzrə lisenziyaya malik olması vurğulanmaqla düzəliş edilmişdir.
16-cı maddədə həm aylıq, həm də birdəfəlik sığorta ödənişinin verilməsi üçün əsas olan hallar sırasında ölüm halının nəzərdə tutulmasının aylıq və birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsinin tətbiqi zamanı ziddiyyətli məqamlara səbəb ola biləcəyi nəzərə alınaraq 16.2-ci maddədən “və ya ölümü” sözləri çıxarılmaqla aylıq sığorta ödənişinin əsası kimi yalnız sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi saxlanılmışdır.
Birdəfəlik sığorta ödənişinin əsaslarından biri kimi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlilliyin fasiləsiz olaraq 4 ildən artıq müddətə təkrar təyin edilməsi halının nəzərdə tutulması əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı qanunvericilikdə və təcrübədə mövcud olan əlillik qrupları üzrə spesifik yanaşmalardan asılı olaraq müəyyən çətinliklər yarada bilər. Ona görə də millət vəkillərinin təkliflərini nəzərə alaraq 16.3.2-ci maddə çıxarılmaqla birdəfəlik sığorta ödənişinin verilməsi üçün iki hal – sığorta hadisəsi nəticəsində sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilməsi və sığorta olunanın öldüyü hal saxlanılmışdır.
23-cü maddədə qanunun pozulmasına görə təkcə sığortalıların, sığorta olunanların və sığorta ödənişini almaq hüququ olan şəxslərin deyil, eyni zamanda, sığortaçıların da qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşımaları fikri əlavə edilmişdir. Qeyd olunanlardan başqa, qanun layihəsinin mətnini qanunvericiliyin dilinə, texnikasına və üslubuna daha da uyğunlaşdırmaq məqsədi ilə 7.2.3, 7.2.7, 7.2.10, 8.2.1, 11.9, 18.3-cü maddələrdə müəyyən sayda redaktə xarakterli düzəlişlər edilmişdir. Qanun layihəsi ilə bağlı irəli sürülmüş digər təkliflərlə bağlı işçi qrupunun Prezident Administrasiyasında, habelə İqtisadi siyasət və Sosial siyasət komitələrində apardığı müzakirələr zamanı gəldiyi bəzi nəticələrlə əlaqədar aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm.
Bütövlükdə qanun layihəsindəki, hörmətli Ziyafət müəllim, “istehsalat” termininə münasibət bildirildi. Amma artıq bütün dünyada qəbul edilmişdir ki, istehsalat sahəsi deyildikdə həm maddi istehsal, həm də qeyri-istehsal sahələri nəzərdə tutulur.
Ümumiyyətlə, mən vaxtınızı almaq istəmirəm. Birinci oxunuşda edilən düzəlişlər bütövlükdə qanun layihəsinin xeyli təkmilləşdirilməsinə imkan vermişdir. Bu qanunun qəbulu müxtəlif kateqoriyalardan olan işçilərin əmək hüquqlarının müdafiəsi və sosial təminatlarının gücləndirilməsi, bu hüquqların səmərəli təminat mexanizminin dövlət maliyyə öhdəliklərinin azaldılması ilə müəyyənləşdirilməsi imkanlarını xeyli genişləndirəcəkdir. Qanun layihəsində nəzərdə tutulan icbari sığorta növünün tətbiqi bu gün ölkənin əmək bazarında ciddi problemlərdən olan əmək müqavilələri bağlamadan işçilərin hüquqlarının pozulması hallarının aradan qaldırılmasına da ciddi təkan verəcəkdir. Fikrimizcə, layihə inkişaf etmiş beynəlxalq təcrübənin prinsiplərinin Azərbaycan modelinə təkmil formada uyğunlaşdırılması nöqteyi-nəzərindən mütərəqqi hesab edilməlidir. Bütün bunları nəzərə alaraq qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsini millət vəkillərindən xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim, təşəkkür edirəm. Qanun layihəsi bayaq qeyd etdiyim kimi, ikinci oxunuşda müzakirə olunur. Ona görə, xahiş edirəm, qanun layihəsini əsas kimi qəbul edək, sonra müzakirəyə başlayarıq. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.36 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1 
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Hörmətli deputatlar, bizim iclasımızın qurtarmasına 30 dəqiqə var, amma çıxışa 10 nəfər yazılıb. Ona görə etiraz yoxdursa, təklif var ki, çıxışlar üçün 5 dəqiqə ayrılsın. Etiraz yoxdur 5 dəqiqəyə? Səsə qoymağa ehtiyac yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, buyurun. Elton müəllim Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Milli Məclisin ikinci oxunuşda müzakirəsinə çıxarılmış İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun layihəsi ölkəmizin iqtisadi və sosial sahəsi, bu sahədə çalışanlar, bütövlükdə cəmiyyət üçün çox vacib bir qanun layihəsidir. Biz onun əhəmiyyəti, vacibliyi barədə birinci oxunuşda qeyd olunduğu kimi, kifayət qədər geniş danışdıq. İkinci oxunuşun tələblərinə uyğun olaraq qeyd etməliyəm ki, qanunun əhatə etdiyi mövzu çox mürəkkəbdir. Burada iqtisadi və sosial münasibətlər, onların hüquqi tənzimlənməsi məsələləri bir-biri ilə sıx bağlıdır. Ona görə ayrı-ayrı müddəalar elə yazılmalıdır ki, onlar bir-birini tamamlaya bilsin və qanun layihəsində boşluq yaranmasın.
Hörmətli Ziyad müəllimin qeyd etdiyi kimi, birinci oxunuşdan sonra hər iki komitə, xüsusilə işçi qrupu layihə üzərində çox ciddi işlər aparıb, sənədin mətni çox yaxşı təkmilləşdirilib, bir çox müddəalar yeni redaksiyada verilib. Xüsusilə “Əsas anlayışlar” adlanan maddədə çoxlu düzəlişlər və dəqiqləşdirmələr aparılmışdır. Bunlarla yanaşı, mən bir neçə konkret məsələyə toxunmaq istərdim. Bildiyiniz kimi, bizim 2002-ci ildə qəbul olunmuş “İcbari ekoloji sığorta haqqında” Qanunumuz var. Qeyd etməliyəm ki, qanunun əhatə etdiyi istehsal sahələri, müəssisələr müzakirə etdiyimiz qanunun əhatə dairəsi ilə üst-üstə düşür. Ona görə təklif edərdim ki, 1-ci maddənin mətnində sadalanan qanunlarla yanaşı “İcbari ekoloji sığorta haqqında” Qanunun da adı verilsin.
İkinci təklifim qanun layihəsinin 3.2-ci maddəsinə aiddir. Burada “xarici neft şirkətləri” sözləri işlədilir. Mənə belə gəlir ki, biz bunu konkretləşdirməməliyik, fəaliyyət dairəsini təsnifat formasında konkret yazmamalıyıq. Başqa sözlə, bu sözlərin “xarici hüquqi şəxslər” sözləri ilə əvəz olunmasını təklif edirəm.
Hesab edirəm ki, qanun layihəsi ikinci oxunuşun tələblərinə cavab verir və müəyyən müzakirədən sonra qəbul edilə bilər.
Çox hörmətli Ziyafət müəllim, bugünkü iclasda mən cari məsələlərlə bağlı danışa bilmədim. Ona görə, icazənizlə, qalan vaxtımı həmin məsələlərə sərf edərdim. Son zamanlar müxalifət mətbuatında verilən yazılar barəsində fikrimi bildirmək istərdim. Bu mətbu orqanlarda əsası olmayan, heç bir fakta, məntiqə söykənməyən, yalan və böhtanlarla dolu məlumatların, yazıların verilməsi adi hala çevrilib. Azərbaycan dövlətinin, onun başçısı hörmətli İlham Əliyevin yaratdığı söz və mətbuat azadlığı mühitindən gen-bol istifadə edən müxalifət qəzetləri, onların havadarları və yazarları ölkənin imicinə, dövlətin mənafeyinə ziyan vurmaqla, hökumət rəsmilərinə, dövlət qurumlarına, səlahiyyət sahiblərinə qara yaxmaqla, şər-böhtan atmaqla məşğuldurlar. Bu tip yazıların ictimai rəyə zorla yeridilməsi qədim tarixə və ənənəyə malik olan Azərbaycan mətbuatına hörmətsizlikdən başqa bir şey deyildir.
Bu gün ölkədə Prezidentimizin rəhbərliyi ilə respublikanın enerji təhlükəsizliyi sahəsində çox ciddi işlər görülür. Yanacaq-energetika kompleksinin inkişafı üzrə vacib dövlət proqramları həyata keçirilir. 2003-cü ildən bu yana ölkədə 9 elektrik stansiyası tikilmiş, Şirvan şəhərində, Dəvəçi, Quba, Füzuli rayonlarında yeni elektrik stansiyaları inşa edilir. Ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının yenidən qurulması, istehsalat güclərinin artırılması, mobil stansiyaların yaradılması nəticəsində Azərbaycanın elektroenergetika sektorunun generasiya gücü bu gün 6400 meqavata çatmışdır.
Hörmətli sədarət, xahiş edirəm, bir dəqiqə vaxtı artırasınız. Qışa ciddi hazırlıq işlərinin aparılmasına baxmayaraq, son günlər bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da baş vermiş təbii fəlakətlər, çovğun, havanın gözlənildiyindən də çox soyuması, normadan artıq qarın düşməsi qısamüddətli fəsadlara səbəb oldu. Bəzi bölgələrdə və Bakıda elektrik enerjisi təsərrüfatında müəyyən problemlər yarandı. Bu, hava şəraiti ilə bağlı olan təbii haldır. Müvafiq nazirliklər və təşkilatlarımız yolların, ərazilərin, strateji obyektlərin həyat fəaliyyətini təmin edən müəssisələrin qardan...
Sədrlik edən. Bir dəqiqə əlavə edin. Elton müəllim, çıxışınızı yekunlaşdırın.
E. Məmmədov. Elektrik xətlərində baş vermiş qəzaların aradan qaldırılması üçün dərhal genişmiqyaslı ciddi tədbirlər həyata keçirildi. Yaranmış vəziyyət qısa müddətdə aradan qaldırıldı. Fevralın 9-da ölkənin enerji sahəsində baş vermiş qısamüddətli qəza, əslində, əvvəlki günlərdə baş vermiş çovğunun törətdiyi fəsadların nəticəsi idi. Bu qəzanın nəticələri də çox qısa bir müddətdə aradan qaldırıldı. Təəssüflər olsun ki, özlərinə, yazılarına qiymət verməyən müxalifət mətbuatı ölkədə həyata keçirilən möhtəşəm işləri görə bilmir. Təbiətin törətdiyi kiçik fəsadları şişirdib fəlakət səviyyəsinə çatdırır, ictimai rəyi çaşdırmaq istəyirlər. Bütün bunlar baş tutası deyil. Xalq iqtidarın həyata keçirdiyi genişmiqyaslı işləri yaxşı görür və qiymətləndirir. Hörmətli millət vəkilləri, hesab edirəm ki, bu qarayaxmaları vaxtında və tutarlı cavablandırmalıyıq. Bunu bizdən dövlətçiliyimizin mövqeyi tələb edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elton müəllim. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, Ziyafət müəllim. İstehsalatda bədbəxt hadisələrə həsr olunmuş bu qanun layihəsi çox mühüm sosial yük daşıyır. Bunun mükəmməl surətdə, eyni zamanda, tez qəbul edilməsi, hesab edirəm, bu sahədəki qanunvericilik boşluğunu, narazılıqları aradan qaldıracaq və xeyli dərəcədə müsbət rol oynayacaq. Bu həm komitələrdə, həm də birinci oxunuşda kifayət qədər konstruktiv müzakirə olunan bir qanun layihəsidir. Təkliflərin xeyli hissəsi nəzərə alınıb. Amma bəzi məqamların da nəzərə alınmasını vacib hesab edirəm. Ona görə də ikinci oxunuşun tələblərinə uyğun surətdə konkret məsələlər üzərində dayanmaq istəyirəm.
Birinci, qanun layihəsinin adı onun məzmunu ilə əlaqədar sahəni tam əhatə etmir. Burada deyildi, sovet dövründə “народное хозяйство” – “xalq təsərrüfatı” sözü var idi. İndi “istehsalat” kimi işlənir. Amma bütövlükdə bu sahəni əhatə etmir. “İstehsalat” anlayışı 2-ci maddədə verilir: “istehsalat – fiziki şəxsin əmək funksiyalarını, işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri”. Amma başqa sahələrdə də haqqı ödənilməklə belə iş yerləri var. Ona görə də hesab edirəm ki, ya Dövlət Statistika Komitəsinin bilavasitə işlətdiyi, artıq vətəndaşlıq hüququ qazanmış anlayışlardan istifadə etməliyik, ya da təklif etdiyim başqa formadan. Yəni söhbət ondan gedir ki, əhali ilə, məşğulluqla bağlı məsələlərdə “iqtisadiyyat”da sözündən istifadə olunur, yaxud da birbaşa “İş yerlərində bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” adlandırılsın. Qanunun adı xeyli dərəcədə həm qısalar, həm də daha əhatəli olar.
İkinci, qanun layihəsinin preambula hissəsində də buna uyğun surətdə dəyişiklik etmək lazımdır. Ona görə ki, orada Azərbaycan vətəndaşlarından söhbət gedir. Amma 3-cü maddədə Azərbaycan vətəndaşları ilə yanaşı, vətəndaşlığı olmayan şəxslərdən və əcnəbilərdən də bəhs edilir. Ya vətəndaşlığı olmayan şəxslər və əcnəbilər də preambula hissəsinə əlavə edilməlidir, ya da ümumiyyətlə, “iş yerlərində bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlərin tənzimlənməsi, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsi” kimi yazılmalıdır. Hesab edirəm ki, bu daha mükəmməl bir variantdır.
Qanun layihəsində sığortaçının hüquqları, vəzifələri, onunla bağlı məqamlar çox səlis formada öz əksini tapıb. Amma sığorta olunanın hüquqları öz əksini tam tapmayıb. Burada problem yarana bilər. Ona görə də burada, mən deyərdim ki, maraqların konflikti var. Həmin maraqların konfliktini aradan qaldırmaqdan ötrü bir məqamı qeyd etmək istəyirəm. Sığorta ödənişlərindən imtinanın əsaslarına həsr olunmuş 20-ci maddəni dəyişmək lazımdır. Konkret rəqəmlərdən çıxış edib deyə bilərəm ki, rəsmi statistikaya görə, on min nəfərə bir nəfər ölən, bir nəfər şikəst olan adam düşür. Statistikaya düşməyənləri də buraya əlavə etsək, hətta rəqəmləri şişirtsək belə, yığılan vəsaitin 80 faizi tərtəmiz mənfəətdir. Tərtəmiz mənfəət olan bir yerdə ikimənalı xarakter daşıyan cümlələrdən istifadə eləmək olmaz. İstənilən adamı 20-ci maddə üzrə sərxoş da, narkoman da adlandırmaq olar. Ona görə də təklif edirəm, həmin maddələr başqa formada yazılsın. Yəni bu cür də yazmaq olar: “sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilən, qəsdən edilən hərəkətlərin nəticəsi olduğu sübut edildikdə”. Sığorta hadisəsi ilə bağlı 20.0.2-ci maddəni tam oxumuram. Həmin halların baş verdiyi sübut olunduqda və sair göstərilməlidir.
Sonda hesab edirəm ki, bu qanunu qəbul etmək çox vacibdir. Açıq qalan üç suala isə cavab verilməlidir. Bu qanunun maliyyə tutumu nə qədərdir? Bu qanunun tətbiqindən sığorta şirkətlərinin mənfəəti nə qədər olacaq? Mənfəət kifayət qədər yüksək olacaqsa, əmək müqaviləsi bağlamayan şəxslərin sığortalanması məsələsi necə həll olunacaq? Əgər bu üç suala da mükəmməl cavab verilsə, hesab edirəm ki, qanun layihəsi mükəmməl olacaq və qəbul edilməsini çox vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hesab edirəm, üçüncü oxunuşa qədər suallara cavab vermək üçün vaxtımız olacaq. Bir də müzakirə olunanda, yəqin ki, Ziyad müəllimlə bir yerdə həmin məsələlərə baxacaqsınız. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlarım! Belə bir qanun çox vacibdir, çünki sığorta bazarının formalaşması üçün Azərbaycanda “Sığorta haqqında” Qanun olsa da, istehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri ilə əlaqədar sığorta işində çox böyük problemlər var. İkinci oxunuş olduğu üçün biz komitənin iclasında geniş müzakirələr aparmışıq. Bir sıra təkliflərimiz qəbul olunub. Amma bir sıra məsələlər qəbul olunmayıb. Onların bir neçəsinin, konkret maddələrlə əlaqədar məsələlərin üzərində dayanmaq istərdim.
Birinci, 3.2-ci maddədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən bəhs edilir. Burada bir balaca düzəliş aparmışıq. Amma belə bir sual ortaya çıxır: əgər bu insanlara Azərbaycanda sığorta qanunu şamil edilirsə, onlar öz ölkələrində də sığorta oluna bilərlər? Yəni biz bilirik ki, əgər Azərbaycandan hər hansı bir vətəndaş xaricə işləməyə gedirsə, Azərbaycanda həmin şirkət tərəfindən sığorta olunur və xaricdən də Azərbaycana gələn vətəndaşlar öz ölkələrində sığorta oluna bilərlər. Ona görə də bu maddədə qeyd etmək lazımdır ki, əcnəbi şəxs öz ölkəsində sığorta olunmayıbsa, Azərbaycanda sığorta oluna bilər. Bu mənim təklifimdir.
Bəhs etmək istədiyim digər maddə 5.0.2.3-cü maddədir. Bu məsələ komitənin iclasında da qaldırılmışdır. Sığorta ödənişi sığorta olunanın himayəsindəki 14 yaşına çatmamış və ya çatsa da, sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlara da aid edilir. Niyə 14 yaş? Bu hansı normativə uyğun götürülüb? Vətəndaş şəxsiyyət vəsiqəsini 18 yaşında alır. Heç olmasa, bunu 15 yaş götürmək lazımdır. Bilirik ki, 14 yaşında uşaqların işləməsinə o qədər də yaxşı baxılmır.
Digər bir məsələ. Ümumiyyətlə, bu qanun yalnız müqavilə olduğu halda işləyəcəkdir. Ziyafət müəllim, bu gün Azərbaycanın əmlak bazarında, iş bazarında minlərlə, on minlərlə insan heç bir müqavilə bağlamadan işləyir. Onlar işləməyə məcburdurlar, çünki iş yerləri ilə əlaqədar böyük problemlər var. Belə iş yerlərində insan peşə xəstəliyi də tutur və müəyyən hadisələr də baş verir. Amma onlar sığorta olunmurlar. Onların məsələsi necə həll olunacaq? Bu insanların əmək münasibətləri hansı qanunla tənzimlənəcək? Bu da çox ciddi məsələdir. Düzdür, qanun layihəsinin 4-cü maddəsində göstərilib ki, dövlət orqanları, hüquqi şəxslər, fiziki şəxslər, seçkili orqanlar sığorta müqaviləsi bağlamalıdırlar. Amma sığorta müqaviləsi bağlamayan on minlərlə insan var. Ümumiyyətlə, bu qanun layihəsində nəzərdə tutmaq lazımdır ki, işəgötürənlər məcburi şəkildə işçiləri sığorta etməlidirlər. Qanun layihəsində bu mütləq öz əksini tapmalıdır.
Ən ciddi, mübahisə doğuran məsələlərdən biri 13-cü maddə ilə, yəni sığorta tarifi ilə əlaqədardır. Burada əmək haqqı fonduna tətbiq olunan faiz dərəcəsi 2 faiz göstərilir. Biz komitənin iclasında da qeyd eləmişik ki, bu çox yüksək faizdir. Nəyə görə? Hesablamalar göstərir ki, Azərbaycan da daxil olmaqla, ümumiyyətlə, MDB bazarında sığorta tarifinin maksimum dərəcəsi 1 faizdən yuxarı olmur. Biz pensiya fonduna iki faiz köçürürük. Niyə biz bu sığorta tarifini 2 faiz götürürük? İnsanlar bilirlər ki, gec-tez həmin köçürdükləri məbləğdən pensiya alacaqlar. Amma sığortadan insanlar ömürlərinin axırına qədər istifadə etməyə də bilərlər. Niyə bu 2 faiz göstərilməlidir? Misal üçün, Rusiyada tamamilə başqa cürdür. Yəni onlarda sığorta tarifi hər il sığorta bazarında yaranan vəziyyətlə əlaqədar müəyyənləşdirilir. Yuxarı həddi parlamentdə təsdiq olunur, amma aşağı həddi, demək olar ki, sığortaçılar arasında müəyyən olunur. Yəni sığorta bazarında müəyyən olunur. Mən təklif edirəm ki, hər il parlamentin təsdiqinə peşə risklərinin dərəcələri üzrə fərqləndirilmiş sığorta tariflərinin yalnız maksimum həddi verilsin və parlamentdə təsdiq edilsin. Bu çox ciddi məsələdir, Ziyafət müəllim. Hesablamalar göstərir ki, burada bir-iki milyondan söhbət getmir. Burada 250–300 milyondan, ondan da yuxarı vəsaitdən söhbət gedir. Yəni biz bunu 2 faiz göstərsək, istər-istəməz əmək haqqı fondundan 2 faiz köçürülməsinə məcbur edəcəklər. Yəni 2 faizi verin, bizdə belə qəbul olunub. Ona görə də mən təklif edirəm ki, hökumət hər il peşə risklərinin dərəcəsi üzrə fərqləndirilmiş sığorta tarifinin yalnız maksimum həddini parlamentin təsdiqinə təqdim etsin. Parlament də bunu təsdiq etsin. Minimum səviyyəsi isə sığorta şirkətləri və sığortalılar tərəfindən bağlanan müqavilədə razılaşdırılır. Onda burada heç bir problem yarana bilməz. Bir də...
Sədrlik edən. Vahid müəllim, vaxtınız qurtardı. Əlavə 1 dəqiqə istəyirsinizsə, buyurun.
V. Əhmədov. Ziyafət müəllim, biz bütün məsələləri müvafiq icra hakimiyyəti orqanının üzərinə qoyuruq. Əgər bütün səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanına veririksə, bu qanun nəyə lazımdır? Elə onda normativ sənəd hazırlasınlar və təsdiq etsinlər. Hesab edirəm, müvafiq icra hakimiyyəti orqanını konkretləşdirmək və bunu qanun layihəsinə salmaq lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Astan müəllim, sualınız var, deyəsən. Buyurun, qısaca olaraq, xahiş edirəm.
A. Şahverdiyev. Çox sağ olun. Mənim deyəcəklərim sualdan çox təklifə bənzəyir. Məndən öncə çıxış edən həmkarlarım kimi mən də təqdim olunan layihəni bəyənirəm və onun lehinə səs verəcəyəm. Amma konkret olaraq bir təklifim var. Maddə 3-də sığorta olunanlar, 3.2.4...
Sədrlik edən. Bu, sual olmadı axı, artıq təklif oldu.
A. Şahverdiyev. Mən sualımı verirəm. 3.2.4-cü maddədə “istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər”.
Sədrlik edən. Sualı formalaşdırın.
A. Şahverdiyev. Formalaşdırıram. “Təhsil haqqında” Qanuna görə bizdə üçpilləli təhsil sistemi mövcuddur və buraya magistrlər və doktorantlar da daxildir. Həmin maddəyə bunları da daxil etmək olarmı, yoxsa yox?
Sədrlik edən. Təşəkkür edirəm. Ziyad müəllim, yəqin, suala cavab verər. Musa Quliyev, buyurun.
M. Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu qanun layihəsini komitədə müzakirə edəndə də mən bu təklifləri demişəm. Hörmətli Ziyafət müəllim, bu qanun, əslində, istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində xəsarət alan insanların sosial müdafiəsinə yönəlmiş bir qanun olmalıdır. Amma qanun layihəsinin mahiyyətindən və ayrı-ayrı maddələrdən görünür ki, bu daha çox sığorta şirkətlərinin marağını güdən bir layihədir. Bu məni çox narahat edir. Sovet hökuməti dövründə də belə idi və ümumiyyətlə, dünyanın bütün ölkələrində praktika belədir ki, istehsalatda xəsarət alan adama həm birdəfəlik yardım verilir, həm də ona aylıq ödənişlər təyin edilir. Biz layihədə bunları tamamilə ləğv edirik. Şəxs öləndə birdəfəlik yardım, ölmürsə, ona aylıq ödənişlər veririk. Amma həmin şəxsə birdəfəlik və aylıq ödənişlər də verilməlidir. Nəyə görə? Çünki şəxs ağır travma alıb, məsələn, ayağını itiribsə, uzun müddət xəstəxanada yatacaqdır. Ona itirdiyi orqanının kompensasiyası olaraq birdəfəlik vəsait verilməlidir. Aylıq müavinətlər ona görə verilməlidir ki, o, xəsarət aldığına görə işləmir, əmək qabiliyyətini itirib və aylıq əmək haqqının müəyyən faizini alıb özü yaşamalı, ailəsini dolandırmalıdır.
Təəssüf ki, vaxt azdır, deyiləsi sözlər çoxdur. Açıq deyirəm, çox qüsurla hazırlanmış bir layihədir. Hətta ikinci oxunuşa təqdim edilsə də, olduqca çox nöqsanlar var və bu şəkildə qəbul etsək, insanların çoxu sosial müdafiəsiz qalacaqlar. Birinci, qanun layihəsinin preambulası ilə bağlı. Qanun layihəsinin preambula hissəsində göstərilir ki, bu qanun Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Amma 3-cü maddənin ikinci hissəsində deyilir ki, eyni zamanda, vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə şamil olunur. Ona görə düşünürəm, preambuladan “vətəndaşlar” sözü çıxarılmalıdır.
2.0.6-cı maddədə istehsalatda bədbəxt hadisə anlayışı ilə bağlı deyilir ki, istehsalatda bədbəxt hadisə o halda bədbəxt hadisə sayılır ki, şəxsin aldığı xəsarət mütləq qeyd olunsun. Əgər şəxs iş yerində öz əmək fəaliyyətini yerinə yetirərkən heç bir xəsarət almırsa, xroniki bir xəstəlik səbəbindən, tutaq ki, yuxarı qan təzyiqi ilə işə gedib, orada insult olub, yaxud müəllim iş yerində infarkt keçiribsə, bu artıq istehsalat xəsarəti sayıla bilməz. İstehsalat xəsarəti onda sayılır ki, şəxs əmək funksiyasını yerinə yetirərkən hər hansı bir xəsarət alsın.
Digər bir məsələ, burada bədən üzvlərinin toxumalarının zədələnməsi şərt kimi göstərilir. Hər hansı bir partlayış olarkən vətəndaş stress keçirir və stress keçirdiyi halda bədən üzvlərində, toxumalarında zədələnmə qeydə alınmırsa, demək, həmin şəxs istehsalat xəsarəti almış sayılmır?
Digər bir məsələ. Burada ikili bir yanaşma var. Bəzi maddələrdə “sığorta olunan”, bəzilərində isə “sığorta olunmalı olan” yazılır. Bunlar tamam ayrı-ayrı anlayışlardır. 2.0.8-ci maddədə sığorta hadisəsindən danışılır. Yəni əgər şəxs sığorta olunubsa, sığorta hadisəsi yaranır və sığorta olunan şəxs istehsalat xəsarəti alırsa, bu qanun həmin şəxsə şamil olunacaq. Bu şəxsin günahı deyil ki, onu sığorta etməyiblər. Bu şəxs əmək müqaviləsi bağlayır, işə girir və artıq onun sığorta edilməməsi həmin müəssisənin günahıdır. Həmin şəxs iş fəaliyyətində əmək xəsarəti alırsa, demək, onda o, qanunun tətbiqindən kənarda qalacaq və aldığı xəsarətə görə heç bir müavinət, heç bir yardım ala bilməyəcək. Ona görə də bu məsələlər dəqiqləşdirilməlidir.
Digər bir təklifim 5-ci maddə ilə bağlıdır. 5-ci maddədə sığorta ödənişi almaq hüququ olan şəxslər göstərilir. Mən düşünürəm ki, əgər əmək xəsarəti və peşə xəstəliyi nəticəsində insan ölübsə, şəxs dünyasını dəyişibsə, istisnasız olaraq bütün hallarda onun ailə üzvləri kompensasiya almalıdırlar. Şəxs istehsalat xəsarəti nəticəsində həyatını dəyişir. Onun ailəsinə zərər dəyir, ailəsi əziz adamını itirir. Nəyə görə ona kompensasiya verilməsin? Nəyə görə ona birdəfəlik yardımlar verilməsin?
Digər bir məsələ 8.3-cü maddə ilə bağlıdır. Bu çox mühüm bir maddədir. Yəni bu qanunu yerinə yetirmədikdə hansı öhdəliklər ortaya çıxır? Burada yazılır ki, sığorta müqaviləsi bağlanılmayıbsa, sığorta hadisəsi baş verdiyi halda işəgötürən təşkilat müəyyən öhdəliklər daşıyır. Sığorta hadisəsi onda...
Sədrlik edən. Musa müəllim, çox sağ olun, dediyiniz fikirlərin əksəriyyətində həqiqət var. Siz danışanda mən Ziyad müəllimə baxırdım, o da deyilən fikirlərin çoxunu qəbul edir. Yəqin ki, üçüncü oxunuşa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyə bilmədiklərinizi yazıb Ziyad müəllimə verin. Hələ vaxtımız var, niyə darıxırsınız? Hələ biz maya, iyuna qədər işləyəcəyik, narahat olmayın.
Hörmətli deputatlar, artıq iclasımız bitmək üzrədir. Əgər etiraz etmirsinizsə, bu layihəni ikinci oxunuşda səsə qoyaq. Hesab edirəm ki, fikirlərinizi, təkliflərinizi yazılı şəkildə Ziyad müəllimə verərsiniz, yəqin ki, onlar üçüncü oxunuşda nəzərə alınacaq.
Qanun layihəsi 23 maddədən ibarətdir. 1–5-ci maddələrə, xahiş edirəm, münasibətinizi bildirəsiniz. Bu qanun layihəsində fəsil yoxdur. Ona görə biz bunu maddə-maddə səsə qoymalıyıq. Qanun layihəsi o qədər də böyük həcmli olmadığına görə 1–5-ci maddələrə, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  97
Nəticə: qəbul edildi

Sağ olun, təşəkkür edirəm. 6–12-ci maddələrə, xahiş edirəm, münasibət bildirəsiniz.


Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. 13–18-ci maddələrə, zəhmət olmasa, səs verin.

Səsvermənin nəticələri (saat 18.02 dəq.)
Lehinə  97
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. 19–23-cü maddələr.

Səsvermənin nəticələri (saat 18.02 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Nəhayət, ikinci oxunuşun tələbinə uyğun olaraq qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 18.03 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da bugünkü iclasımız başa çatır. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi