2010-ci il 20 aprel tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XIV  SESSİYASI  İCLASININ

PROTOKOLU № 139

Milli Məclisin iclas salonu.
20 aprel  2010-cu  il. Saat 12.

Milli Məclisin Sədri
O.Əsədov sədrlik etmişdir

İclasda  Milli Məclisin  110  deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

R.Həsənov, TürkPA-nın Baş katibi.
K.Sarıarslan, TürkPA-nın Baş katibinin müavini, Türkiyə Respublikasının TürkPA-dakı səlahiyyətli nümayəndəsi.
M.Semqaliyev, TürkPA-nın Baş katibinin müavini, Qazaxıstan Respublikasının TürkPA-dakı səlahiyyətli nümayəndəsi.

*    *   *

H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
A.Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
C.Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N.Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V.Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
M.Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
F.İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
M.Süleymanov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
S.Talıbov, Azərbaycan Respublikası Hesablama Palatasının  şöbə müdiri.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  şöbə müdiri.
F.Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının  şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə (üçüncü oxunuş).
2. “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.
3. İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə.
4. “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.
6. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə.
7. Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavələr edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə.
8. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli  961-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop  maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə.
9. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

İclasda qəbul edilmişdir:

1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 945-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli  961-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop  maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                       O.ƏSƏDOV
 

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

20 aprel  2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 98
Yetərsay    83

Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik hamınızda var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  99
Nəticə: qəbul edildi

Gündəlik təsdiq olundu. Gündəlikdə 9 məsələmiz var. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Vahid Əhmədov, buyu-run.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Son zaman-lar dünyada təbii fəlakətlər insanlara ciddi zərər vurur. Azərbaycan da istisna deyil. Azərbaycanda da son zamanlar çayların məcradan çıxması, torpaq sürüşmələri nəticəsində bir sıra ailələr çox pis vəziyyətdə qalır. Son vaxtlar  Lerik rayo-nunda, Daşkəsəndə, Şamaxıda, Quba və Qusar rayonlarında  bir sıra kəndlərdə ciddi torpaq sürüşmələri baş verib. Xüsusilə çayların məcradan çıxması ilə əlaqədar olaraq bir sıra kəndlərdə sahilə yaxın evlər artıq su altında qalıb, əkin sahələrini su yuyub aparır. O cümlədən Qusarçay və Qudyalçayla əlaqədar olaraq çox ciddi problemlər yaranır. Əhali faktiki olaraq çox pis vəziyyətdədir. Fövqəladə Hallar Nazir-liyi bu yöndə müəyyən tədbirlər görsə də, mən hesab edirəm ki, dövlətin təbii fəlakətlərlə əlaqədar xüsusi proqramı ol-malıdır. Sovet vaxtında bu çayların daşmasının qarşısının alınması üçün bəndlər tikilir, çay yataqları vaxtlı-vaxtında təmizlənirdi. Amma son vaxtlar, demək olar ki, buna o qədər də fikir verilmir.
Mən hesab edirəm ki, Azərbaycan hökuməti yaranmış vəziyyətlə əlaqədar olaraq xüsusi proqramlar üzərində işləməli və bu çayların məcradan çıxmaması üçün zəruri bəndlər tikilməlidir. Rayonlarda torpaq sürüşmələri nəticəsində evsiz qalmış əhalini ciddi təmin etmək üçün ehti-yat fondlarının yaradılmasına çox böyük ehtiyac var. Ona görə hesab edirəm ki, Azərbaycan hökuməti bunları nəzərə almalıdır. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Son günlər bəzi nazirlik və komitələrin nümayəndələri müəyyən ərazilərdə qaz və elektrik xətlərinə, magistral yollara, dəmiryol xətlərinə yaxın yerlərdə tikilmiş evlərin sökülməsi barədə bəyanatlar səsləndirirlər. Bu evlərin sayının minlərlə olduğu göstərilir. Əlbəttə, ölkədə gedən geniş tikinti-quruculuq işləri ilə əlaqədar olaraq dövlət ehtiyacları üçün belə ərazilərin boşaldılmasına, bəzi qanunsuz evlərin, xüsusilə də ciddi təhlükə törədə biləcək  binaların sökülməsinə heç kim etiraz etmir. Ancaq elə evlər var ki, onlar təhlükəli zonadan çox-çox uzaqdır.
Evlər tikilərkən, çox təəssüflər olsun ki, vətəndaşlar müəyyən sənədlər toplaya bilməmişlər. İnsanlar bu evlərdə 15–20 ildən çox müddətdə yaşasalar da, yenə lazımi sənədləri toplayıb həmin evləri öz adlarına rəsmiləşdirə bilmirlər. İndi həmin evlərin qanunsuz tikilməsi barədə fikirlər səslənir və insanlar incidilir. Halbuki qanunsuz adlandırılan həmin yaşayış evlərinin çoxu elə onu sökmək istəyən adamların vasitəçiliyi ilə, onların gözləri qarşısında tikilib, bələdiyyə, qaz, elektrik, yol işçilərinin, digər məsul şəxslərin xeyir-duası ilə ucaldılıb.
Bu gün evlərin kütləvi şəkildə söküləcəyi barədə səslənən fikirlər bəzi fırıldaqçıların əl-qol açmasına imkan verib. Onlar havadarlıq etmək bəhanəsi ilə insanlardan müəyyən vəsaitlər tələb edirlər. Bununla əlaqədar olaraq vətəndaşlar bizlərə də müraciət edirlər. Onların bu narahatlığı mətbuat və televiziya vasitəsilə də tez-tez səsləndirilir.
Mən insanları dövlətdən narazı salan belə halların əleyhinəyəm. Təhlükəli ərazilərdə tikilən evlərin uçotunun aparılması, onlara tezliklə lazımi sənədlərin verilməsi çox vacibdir. Bu həm həmin evlərdə yaşayan insanların, həm də onların övladlarının rahatlığı üçün zəmin yaradardı. Bu məsələnin qanun çərçivəsində hazırlanması və həyata keçirilməsi çox düzgün olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İkram İsrafil.
İ.İsrafil. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, dəyərli mətbuat nümayəndələri! Mən ilk öncə 14 aprel tarixində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirmək istədiyi piketə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən olunan müdaxiləyə diqqət çəkmək istəyirəm. Cənab Sədr, onu da nəzərə almaq lazımdır ki, bu il seçki ilidir və ölkədə siyasi partiyalara kütləvi aksiyaların keçirilməsi ilə bağlı şəraitin yaradılmasına böyük ehtiyac var. Həmin gün Avropa Şurasının prezidenti də Bakıdaydı. Belə bir vaxtda piketin dağıdılması və 47 nəfərin polis bölmələrinə aparılması hər halda yaxşı hal deyil. Mən xahiş edirəm ki, ölkədə sərbəst to-plaşma azadlığının bərpa olunması istiqamətində Siz də töhfənizi verəsiniz.
Cənab Sədr, illərdir Sumqayıt vətəndaşlarını, kimyaçılarını, ictimaiyyətini narahat edən bir məsələnin son həftələrdə mənim vasitəmlə həll olunması, təbii ki, məni sevin-dirir. Mən burada əməyi olan insanların hər birinə, millət vəkillərinə, hökumət üzvlərinə minnətdarlığımı bildirir, eyni zamanda, bu sərəncamı verən ölkə başçısının bu fəaliyyətini təqdir edirəm. Hər birinizə bu işdə dəstək olduğunuza görə təşəkkür edirəm. Ümid edirəm ki, Dövlət Neft Şirkəti Sum-qayıtda kimya ilə bağlı problemlərin həll olunmasında ilk gündən başladığı fəaliyyəti davam etdirəcək. Aylarla əmək haqqını ala bilməyən insanların yeni rəhbərlik gələn kimi əmək haqlarının 50 faizini alması, işdən qanunsuz qovulan insanların pozulmuş hüquqlarının bərpası haqqında məhkəmə qərarlarının təcili icra olunması belə düşünməyə əsas verir. Fikrimcə, başqa sahələrdə də hökumətin belə tədbirlər görməsinə ciddi ehtiyac var. Mən ümid edirəm ki, bundan sonra kimyaçılar belə problemlərlə üzləşməyəcəklər.
Cənab Sədr, diqqətinizi yönəltmək istədiyim daha bir məsələ son vaxtlar Avropa İnsan Haqları Məhkəməsində vətəndaşların mənzil hüquqlarının pozulması ilə bağlı qəbul edilən qətnamələrlə bağlıdır. Bilirsiniz ki, bizim qaçqın, köçkün bacı və qardaşlarımızın bir qismi Bakıda, Sumqayıtda və digər yerlərdə vətəndaşların mənzillərində məskunlaşıbdır. Ancaq indi istər müvafiq icra hakimiyyətlərinin əməkdaşlarından, istər millət vəkillərindən, istərsə də  ictimaiyyət nümayəndələrindən bir komissiya yaradıb müəyyənləşdirmək lazımdır ki, bu gün o qaçqın və köçkünlərin, həqiqətən, o vətəndaşların mənzillərində  yaşamağa ehtiyacı var, yoxsa yox? Çünki elə qaçqın və köçkünlər var ki, bir neçə yerdə evləri, mənzilləri olsa da, vətəndaşın illərlə gözlədiyi halal mənzilini də əldən vermək istəmirlər. Ona görə bu məsələlər artıq Avropa İnsan Haqları Məhkəməsinə gedib çıxır. Mən işğal edilmiş rayonlardan olan millət vəkillərindən xahiş edirəm, mənim düşüncələrimi düzgün qəbul etsinlər. Bu, heç də bütün qaçqın və köçkünlərə yönəli fikirlər deyil.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclisin deputatları! Son vaxtlar Azərbaycan Preziden-tinin, Azərbaycan iqtidarının, Azərbaycanın mövqe və maraqlarını ardıcıl şəkildə və çox cəsarətlə müdafiə etməsi bəzi dövlətləri, qurum və orqanları, o cümlədən daxildə bəzi qüvvələri çox narahat etməyə başlayıb.
Biz ayrı-ayrı dövlətlər tərəfindən Azərbaycana qərəzli mövqedən yanaşılmasının və işğalçı dövlətin dəstəklənməsinin, ona bu və ya digər şəkildə hərtərəfli yardım göstərilməsinin, hətta ayrı-ayrı dövlətlərə təzyiq göstərməklə işğalçı dövlətin maraqlarının müdafiə olunmasının şahidiyik. Mən hesab edirəm ki, biz bu məsələlərə Milli Məclisin deputatı kimi kəskin mövqeyimizi bildirməli və ayrı-ayrı qru-plara xidmət eləyən həmvətənlərimizi  Vətən marağı, dövlət marağı ortada olanda hər hansı bir qrupun, hər hansı bir dövlətin, hər hansı bir xarici təşkilatın maraqlarına xidmət etməməyə çağırmalıyıq. Vətənin maraqları hər şeydən yüksəkdə olmalıdır.
Biz Azərbaycanın ərazisi olan Dağlıq Qarabağa qeyri-qanuni olaraq birbaşa yardım göstərilməsinin şahidi olmuş və buna öz etirazımızı bildirmişik. Biz BMT-də ölkəmizin ərazi bütövlüyü məsələsi müzakirə olunanda həmsədr dövlət olan Amerika Birləşmiş Ştatlarının, heç olmasa, bitərəf qalmaq əvəzinə, – mən hətta demirəm ki, Azərbaycanın ərazi bütöv-lüyünü dəstəkləmək onun borcu idi, – bu məsələnin əleyhinə səs verməsinin şahidi olmuş və buna öz etirazımızı bildir-mişik. Biz işğalçı dövlətin rəhbərinin Amerikaya dəvət oluna-raq ABŞ Prezidentinin onunla görüş keçirməsinin və Amerikanın Türkiyəyə təzyiqlər göstərərək onu həmin dövlət qarşısında müəyyən güzəştlərə getməyə vadar etmək cəhdlərinin şahidiyik. Belə bir şəraitdə müəyyən qüvvələrin bu gün Azərbaycanda mitinq və yürüşlərlə onlara bilavasitə dəstək verməsi, hesab edirik ki, eyni dəyirmana su tökməkdir.
Mən keçən dəfə çıxışımda qeyd elədim, artıq həmin təşkilatlara göstəriş verilib ki, istər qanuni olsun, istərsə də qanunsuz olsun, bu mitinqləri keçirsinlər. Ayın 14-ü bunun şahidi olduq. Ondan 10–15 gün qabaq mən qeyd eləmişdim ki, bu aksiya mövcud qanunun tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Lakin ağalar elə göstəriş vermişdi ki, istər-istəməz bu gərginlik yaranmalıydı. Biz bu gərginliyin şahidi oluruq. Mən bir daha o təşkilatı Azərbaycan xalqının maraqlarına xidmət etməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Bayaq İkram müəllim sual verdi. Mən o məsələnin üstündə durmaq istəmədim. Avropa Şurası Parlament Assambleyasının Sədri burada olanda onlar eyni sualı ona da yönəltmişdilər. O da cavab verdi ki, dünyanın hər yerində belə aksiyaların keçirilməsi üçün ayrılmış yerlər var və bu aksiyaları o yerlərdə keçirmək lazımdır. Yəni bunu siz bilsəniz də yenə bu məsələni qaldırdınız. Mən hesab edirəm ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun hər səviyyədə müzakirə olunub, qəbul edilibsə, bu qanuna sözsüz riayət eləmək lazımdır. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Yaz sessiyası ba-şlayan zaman mən bu sessiyanın iş planına əlavələr kimi yazılı təkliflər vermişdim.  Mən həmin təklifləri əlaqədar təşkilatlara çatdırdığınıza görə Sizə təşəkkür edirəm. Mən Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə və Ədliyyə Nazirliyinə təşəkkür edirəm ki, vergi yükünün azaldılması istiqamətində irəli sürdüyümüz təkliflərə müsbət rəy veriblər. Hesab edirəm ki, həmin təkliflərin qəbul edilməsi iqtisadi fəallığın artırılmasına və böhrandan sonra yenə də sürətli inkişafa təkan vermiş olacaq.
İkinci məsələ. Mən Şəkinin 26 məsələsi ilə bağlı olan müraciətə müsbət cavab verildiyinə görə Nazirlər Kabinetinə təşəkkürümü bildirmək istərdim. Yerlərə artıq bu istiqamətdə göstərişlər verilib, işlər başlayıb. Həmin işlərin sistem şəklində həyata keçirilməsi Şəkinin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq.
Üçüncü məsələ kimi qeyd eləmək istərdim ki, ermənilərin qondarma soyqırımı ilə bağlı bu il Azərbaycan hökumətinin gördüyü işləri müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu işin davam etdirilməsi həmin qondarma soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycanın töhfəsinin artmasına gətirib çıxaracaq.
Reyqan hökuməti dövründə hüquq məsələləri üzrə müşavirin 1981-ci ildə bu məsələ barəsində məlumatını qeyd eləmək istərdim. Onun sözlərinə görə, araşdırmalar nəticəsində sübuta yetirilib ki, erməni terror təşkilatları I Dünya müharibəsi illərində Fransa və Rusiya ilə birlikdə müsəlman osmanlıları qətlə yetirib. Öldürülən türklərin sayı 2 milyon, ermənilərin sayı 500 min nəfər civarındadır. Burada bir vacib məsələ də ermənilərin xəyanətidir.  Osmanlılar özlərini müdafiə ediblər.
Xüsusilə ABŞ-da yaşayan ermənilər qondarma soyqırımı iddiaları ilə böyük pullar qazanırlar. Amerika hökuməti bu pullara görə ermənilərin qarşısını almaq istəmir. Ermənilər inadla arxivləri açmırlar, çünki uzun illər qondarma iddialar-dan qazandıqları pulları itirməkdən çəkinirlər. Arxivlər açılsa, bütün həqiqətlər ortaya çıxacaq. Ona görə də...
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu gün Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar olaraq son vaxtlar müşahidə edilən bəzi meyillərlə bağlı fikirlərimi səsləndirmək istəyirəm. Bu istiqamətdə bir sıra müsbət meyillərin müşahidə ol-unmasına baxmayaraq, təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin ni-zama salınması üçün hələ də təsirli tədbirlər görülmür. Yalnız Türkiyənin və Türkiyə Cümhuriyyətinin rəsmi nümayəndələrinin prinsipial mövqeyi bu münaqişənin nizama salınması istiqamətində aparılan işlərə müəyyən dinamika ve-rib. Biz bunu xüsusilə qiymətləndirir və bu istiqamətdə səylər göstərdiyinə görə Türkiyənin rəsmi şəxslərinə təşəkkürümüzü bildiririk.
Lakin Türkiyənin Ermənistanla sərhəd qapılarının açılmasını Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə şərtləndirməsi münaqişəni nizama salmaq missiyasını üzərinə götürmüş həmsədrlərin təpkisi ilə qarşılanır və son zamanlar Amerika Birləşmiş Ştatları tərəfindən bu, açıq şəkildə ifadə olunur. Təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, bu, nə Azərbaycanla Amerika arasında olan münasibətlərin xarakterinə və səviyyəsinə, nə Amerikanın münaqişəni nizama salmaq üçün üzərinə götürdüyü vasitəçilik missiyasının xarakterinə, nə də bütövlükdə Amerika Birləşmiş Ştatlarının dünyada demokratiyanın, haqqın, ədalətin carçısı kimi imic formalaşdırma istəklərinə uyğun gəlir. Ona görə də mən hesab edirəm ki, həm Azərbaycan parlamenti, həm Azərbaycan parlamentini təmsil edən deputatların hər biri, həm də Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilat və partiyalar Minsk qrupunun həmsədrlərinə məktublar ünvanlandıraraq Azərbaycan vətəndaşlarının haqlı narahatlıqlarını ifadə edə və öz mövqelərini açıq şəkildə bildirə bilərlər.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ.Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputat-lar, mən qarşıdakı parlament seçkiləri ilə əlaqədar olaraq yerlərdə yaranmış vəziyyət haqqında danışmaq istəyirəm. Məlumdur ki, parlament seçkiləri günü yaxınlaşdıqca bu seçkinin demokratik keçiriləcəyi haqqında müxtəlif səviyyələrdə tez-tez bəyanatlar verilir. Bir neçə gün bundan əvvəl ölkə Prezidenti də bu məsələyə toxunaraq, seçkilərin tam azad, şəffaf, demokratik şəkildə keçiriləcəyinə hökumətin hər cür şərait yaradacağını deyirdi. Ancaq verilən bütün bu bəyanatlara baxmayaraq, bu bir həqiqətdir ki, Seçki Məcəlləsinə müvafiq dəyişikliklər etmədən, xüsusilə də seçki administrasiyasını seçki iştirakçılarının qəbul etdiyi tərkibdə təşkil etmədən parlament seçkilərini azad, demokratik şəkildə keçirmək qeyri-mümkündür. Son bələdiyyə seçkiləri bu həqiqəti bir daha təsdiq etmişdir. Təəssüflər olsun ki, ölkənin gələcəyi üçün qarşıdakı parlament seçkilərinin böyük əhəmiyyət kəsb etdiyi indiki həssas dövrdə bu istiqamətdə addımlar atmaq əvəzinə, əksinə, əhalinin seçki sahəsində maarifləndirilməsi üçün hətta qeyri-hökumət təşkilatlarının yerlərdə kiçik tədbirlər təşkil etməsinə belə imkan verilmir.
Təkcə bir fakt göstərmək istəyirəm. Bu günlərdə təmsil et-diyim rayonda nüfuzlu beynəlxalq qurumlardan birinin do-norluğu ilə qeyri-hökumət təşkilatlarının parlament seçkiləri öncəsi durum və seçicilərin maarifləndirilməsi mövzusunda keçirmək istədiyi tədbirə polisin müdaxiləsi ilə imkan verilmədi. Xatırladıram ki, qeyri-hökumət təşkilatları haqqında qanun qeyri-hökumət təşkilatlarına öz tədbirlərini tam sərbəst şəkildə keçirməyə imkan  verir. Ancaq yerli icra hakimiyyəti məhz seçki maarifləndirilməsi ilə bağlı olduğu üçün cəmi 20–25 nəfərin qapalı yerdə 2 saatlıq seminar keçirməsini nəinki məqsədəuyğun hesab etmədi, hətta bu tipli tədbirlərin qarşısının alınması üçün rayon polis şöbəsinə rəsmi məktubla müraciət edərək profilaktiki tədbirlər görülməsini tələb etdi. Nəticədə nə baş verdi? Seminarın keçirilməyəcəyi barədə bu tədbirə məsul olan şəxsdən polis şöbəsində iltizam alındı, seminarın isə həmin 20–25 nəfərlə birlikdə başqa rayonda keçirilməsi məsləhət bilindi. Təkrar edirəm ki, bu seminar noyabrdakı parlament seçkiləri ilə əlaqədar seçicilərin maarifləndirilməsi məqsədinə xidmət etməli idi. Fikrimcə, təkcə bu fakt 6 aydan sonra olacaq par-lament seçkilərinin hansı şəraitdə keçiriləcəyi haqqında aydın təsəvvür yaradır.
Paytaxtda seçki öncəsi insanların sərbəst toplaşması qada-ğan edilir, kütləvi tədbirlər keçirmək məqsədi ilə edilən ən kiçik cəhdlər belə polis amansızlığı ilə dağıdılır. Rayonlarda isə 20–25 nəfərin hətta qapalı yerdə belə toplaşıb seçki qanunvericiliyini öyrənməsinə, təcrübə əldə etməsinə polisin gücü ilə imkan verilmir. Seçkiqabağı xof yaradılır. Belə bir şəraitdə kim seçkilərin demokratik keçiriləcəyinə zəmanət verə bilər? Ona görə də, fikrimcə, bu məsələ parlamentdə müzakirə edilməli, seçki qanunvericiliyi təkmilləşdirilməli, seçkiqabağı normal şəraitin yaradılması üçün tədbirlər görülməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İndi dediyiniz məsələ varsa, araşdırarıq, ancaq mən inanmıram ki, 25 nəfər toplaşıbsa, po-lis buna icazə vermir. Faktı araşdırarıq. Kimin gümanı yoxdursa ki demokratik seçkilər keçiriləcək, o öz işidir. Biz inanırıq ki, demokratik, şəffaf seçkilər keçiriləcək. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Parlament seçkiləri ili olduğundan, təbii ki, Seçki Məcəlləsinin yenilənməsi və dəyişdirilməsi təklifi mütəmadi olaraq Milli Məclisin tribunasından səsləndirilir. Bir neçə ay bundan əvvəl biz Seçki Məcəlləsinin dəyişdirilməsi, bəzi müddəaların yenilənməsi, ümumiyyətlə, demokratik seçki keçirilməsi istiqamətində atıla biləcək addımlarla bağlı təkliflərimizi Milli Məclisə təqdim edərək komissiyaların paritet əsasda formalaşdırılması, namizədlərin qeydəalınma prosesinin sadələşdirilməsi, müşahidə missiyasının  düzgün həyata keçirilməsinə şərait yaradılması və sair məsələlər barədə fikirlərimizi bildirmişik.
2008-ci ildə Seçki Məcəlləsinə edilən dəyişikliklər, xüsusilə də girov qoymaqla namizədin qeydəalınma məsələsinin ləğv olunması bələdiyyə seçkilərində çoxsaylı müxalif nümayəndələrin qeydə alınmaması və onların seçki prosesindən kənarlaşdırılması ilə müşayiət olundu. Pulsuz efir vaxtı əldə etmək istəyən müxalif siyasi partiyalar heç bir efir vax-tından istifadə edə bilmədilər, ona görə ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, 900-ə yaxın bələdiyyə subyektində  öz namizədlərini irəli sürə bilmədilər. Amma əslində, təkcə Ümid Partiyası olaraq, biz 1100-ə yaxın bələdiyyəyə 3500-dən artıq namizəd irəli sürmüşdük. Sadəcə olaraq, qeydəalma mərhələsində bunların hamısı ləğv olundu, efir vaxtı verilmədi.
Sabah parlament seçkilərində də həmin proses baş verəcək. Dairə komissiyalarında, Mərkəzi Seçki Komissiyasında namizədliklər bu və ya digər şəkildə ləğv olunacaq. Biz icti-mai televiziyada pulsuz efir vaxtından istifadə edə bilməyəcəyik. Bilirsiniz ki, Avropa Şurasına daxil olan ölkələrdən yalnız Ermənistan və Azərbaycanda siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilmir. Siyasi partiyaların maliyyə imkanları isə olduqca aşağıdır. Mahiyyət etibarilə təbliğat imkanı sıfıra enəcək. Dediklərimə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müddəalarının məhdudlaşdırılmasını və ya tətbiqində yaradılan əngəlləri də əlavə etsək, belə alınır ki, siyasi partiyaların təbliğat imkanı yoxdur. Ona görə də xahiş edirəm, təqdim etdiyimiz Seçki Məcəlləsinə əlavə və dəyişikliklər növbəti iclasların birində müzakirəyə çıxarılsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən elə Seçki Məcəlləsindən başlamaq istəyirəm. Biz Azərbaycanda ölkəmizin seçki qanunvericiliyinə uyğun olan seçkiləri dəfələrlə keçirmişik. Bu seçkilər bütün beynəlxalq standartlara uyğun gəlib və əhalinin mütləq əksəriyyətinin rəğbətini qaza-nıb. Ona görə mən seçkilərin demokratik keçirilməyəcəyi barədə söylənən fikirləri Azərbaycan xalqının mütləq əksəriyyətinin bölüşmədiyi qənaətindəyəm. Seçkilərin demokratik keçirilməyəcəyi barədə fikirlər təkcə burada səslənmir, müxalifət mətbuatı səhifələrində də baş alıb gedir. Bu mətbuatın yazdıqlarına baxdıqda güman etmək olar ki, burada qələmə alınanlar haradasa başqa bir ölkədə baş verir. Çünki Azərbaycanda mövcud vəziyyətin o  yazılanlarla heç bir əlaqəsi yoxdur.
20–25 nəfərlik hansısa bir tədbirin keçirilməsinə qadağa qoyulduğunu söyləyirsiniz, amma mən başqa bir misal gətirmək istəyirəm. İki gün bundan  əvvəl Azərbaycanda çox böyük bir seminar keçirildi. Bu seminarda Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, Azərbaycan hökuməti və parlamentinin nümayəndələri, habelə ATƏT-i, Avropa Şurasını, digər beynəlxalq təşkilatları təmsil edən in-sanlar, beynəlxalq ekspertlər, Avropada, dünyada tanınmış şəxsiyyətlər iştirak edirdilər. Seminarın yekununda onlar cənab Prezident tərəfindən qəbul olundular və bu seminarda müzakirə edilən məsələlərlə bağlı bir fikir mübadiləsi apa-rıldı. Onlardan bir qrupu ilə də mən burada görüşmüşdüm. Onlar tamamilə fərqli fikirlər, haqqa, obyektivliyə söykənən fikirlər söyləyir, bildirirdilər ki, Azərbaycanda seçkilərin de-mokratik keçirilməsi ilə bağlı hansısa problemlər yoxdur və elə seçkilər mövzusunda bu səviyyədə seminarın keçirilməsinin özü də Azərbaycan hakimiyyətinin siyasi iradəsinin göstəricisidir və seçkilərin demokratik keçirilməsinə çox böyük bir töhfədir.
Deyirsiniz, qeyri-hökumət təşkilatlarının seçki maarifçiliyi ilə bağlı tədbirlər keçirməsinə icazə verilmir. Çox təəssüf ki, Azay müəllim bu gün burada yoxdur. Burada olsa idi, yəqin, o, məlumat verərdi ki, seçki maarifçiliyinə xidmət edən bir çox  layihələr hazırda Azərbaycan dövlətinin qrantları hesabına maliyyələşdirilir və Azərbaycanın qeyri-hökumət təşkilatları məhz Azərbaycan dövlətinin ayırdığı vəsait hesabına seçki maarifçiliyi, seçki təbliğatı işini çox yüksək səviyyədə aparırlar.
Seçki hazırlığı çox yüksək səviyyədə getməkdədir. Bu prosesdə bir sıra siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin digər üzvləri fəal iştirak edirlər. Amma çox təəssüf ki, Azərbaycanda seçkilərin yalnız demokratik keçiriləcəyi şəraitdə qalib gəlmək  mümkündür fikrini söyləyənlər bu demokratik prosesə qoşulmur, bu tədbirlərdə işti-rak etmir, bu konfransları boykot etdik deyə mətbuatda manşetlər yazdırırlar. Bunlar hamısı gülüncdür. Mən düşünürəm ki, özünü bütün proseslərdən kənarda saxlamaqla nə o prosesin özünə töhfə vermək, nə də o proses haqqında ədalətli, obyektiv fikir söyləmək olar. Ona görə də mən Yeni Azərbaycan Partiyasının bir nümayəndəsi kimi, parlament üzvü kimi sizi indidən proqnozlar verməkdənsə, bu prosesin içərisində olmağa, bu proseslərdə iştirak etməyə çağırıram. Haqlı, haqsız tərəflərini görün, söylədikləriniz də ədalətli və obyektiv görünsün.
Avropa Şurası Parlament Assambleyası sədrinin buraya səfəri ilə bağlı sərgilənən münasibəti, ortaya qoyulan mövqeyi mən mövqesizlik adlandırardım. Kimlərə isə acıq edib, onunla görüşdən imtina etmək, görüşdən yarımçıq durub getmək və sonra da mən filankəslə bir masa arxasında əyləşmərəm, bu mənim nüfuzuma xələl gətirər söyləmək gülüncdür və siyasətçiyə, siyasi partiya rəhbərinə yaraşan hərəkət deyil. Siyasi nüfuzunu, sosial dayaqlarını itirmiş bu cür şəxslərin Azərbaycandakı seçki prosesi və onun gələcəyi haqqında proqnozlar verməsi xalq tərəfindən ciddi qəbul ol-unmur, çünki həqiqətə söykənən, obyektiv fikirlər söyləmək üçün mütləq bu proseslərin içərisində olmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bahar xanım demək istəyir ki, bəzi müxalifət nümayəndələri bəylərlə plov yemirlər ki, bığları yağa batar. Fəzail Ağamalı buyursun. Sonra keçirik gündəliyə.
F.Ağamalı. Çox  təşəkkür. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən hörmətli həmkarlarımız Əli Əhmədovun və Siyavuş Novruzovun fikirlərinə öz müsbət münasibətimi bildirərək bəzi məsələləri bir az da dəqiqləşdirmək istərdim. Azərbaycan bir dövlət olaraq hər zaman öz müttəfiqlərinə sədaqətini nümayiş etdir-mişdir və bundan sonra da nümayiş etdirməkdə israrlıdır. Amerika Birləşmiş Ştatlarında terror aktı baş verdiyi zaman ulu öndərimiz Heydər Əliyev ilk dövlət başçılarından biri idi ki, Amerika Birləşmiş Ştatlarında baş vermiş faciə ilə bağlı kəskin bəyanat verərək terrorizmə qarşı mübarizədə Amerika ilə bərabər olacağını ifadə etdi və bunun üçün Azərbaycanın bütün imkanlarını ortalığa qoydu. Amerika Birləşmiş Ştatları bu gün də həmin imkanlardan yüksək səviyyədə bəhrələnməkdədir. Azərbaycan, eyni zamanda, İraqda, Əfqanıstanda  təhlükəsizliyin, sülhün təmin edilməsi üçün mücadilədə, terrorizmə qarşı aparılan  mübarizədə Amerika hərbi qüvvələri ilə bərabər iştirak edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində də öz üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirir.
1994-cü ildə “Əsrin müqaviləsi” bağlanan zaman Azərbaycan özünün bütün imkanlarını Amerika Birləşmiş Ştatlarının şirkətləri üçün açdı və bu müqaviləyə 6 Amerika şirkəti qoşuldu. Amerika Birləşmiş Ştatlarının həmin şirkətləri 1994-cü ildən bu yana 36 milyon tondan çox Azərbaycan neftini götürüb, milyardlarla dollar gəlir əldə edibdir. ABŞ həmin milyardlarla dollardan bu gün Ermənistana və Dağlıq Qarabağa yardımlar göstərir. Amerika Birləşmiş Ştatlarının minlərlə vətəndaşı Azərbaycanın neft sənayesində çalışmaqda və yüksək maaş almaqdadır. Belə olan təqdirdə nədən bu gün Amerika Birləşmiş Ştatları haqlı tərəfi – Azərbaycanı yox, təcavüzkar Ermənistanı dəstəkləyir? Ona görə mən düşünürəm ki, Amerika Birləşmiş Ştat-ları şirkətlərinin Azərbaycan neftində olan payını almasına baxılmalı və Amerika Birləşmiş Ştatları bu minvalla davam edərsə, onların Azərbaycandakı fəaliyyətinə xitam verilməlidir.
Bir məsələni də qeyd etmək istəyirəm. Adlarını gizlədən bəzi beynəlxalq təşkilatlar Müsavatı...
Sədrlik edən. Fəzail müəllim, bir xahişim var. Bu pay bölgüsü və sair kimi məsələlərdə dəqiq bilmədiyiniz şeyləri, xahiş edirəm, çıxışlarınızda qeyd eləməyin. Bu, Milli Məclisdir. Yəni bu şeylər sənədlərdə var. Aydın oldu, Fəzail müəllim?
Gündəliyə keçirik. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsinin ikinci oxunuşu. Buyur-sun Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Diqqətinizə çatdırmaq istəyirəm ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsinin Milli Məclisdə ikinci oxunuşu zamanı hörmətli deputat həmkarlarım Fazil Mustafa, Qüdrət Həsənquliyev, Pənah Hüseyn, İlyas İsmayılov, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Rafael Cəbrayılov, Elton Məmmədov, Aynur Quli-yeva və Aqrar siyasət komitəsinin iclaslarında bu layihənin müzakirələrində komitə üzvləri tərəfindən səsləndirilmiş fikirlər, söylənilmiş irad və təkliflər işçi qrupunda ətraflı baxılmışdır. Bildiyiniz kimi, layihə qanunvericilik təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edildiyinə görə düzəlişlər Prezident Administrasiyasının Qa-nunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin əməkdaşları ilə birlikdə aparılmışdır.
Qanun layihəsi üzərində aparılan gərgin iş nəticəsində, hörmətli Oqtay müəllim, Sizin tərəfinizdən deyilmiş fikirlər, deputat həmkarlarımın irad və təklifləri nəzərə alınaraq, layihəyə 21 yeni müddəa əlavə edilmiş, 10 müddəa çıxarılmış, 300-dən çox dəyişiklik edilmiş, layihə dil və üslub baxımından redaktə edilərək, bir daha təkmilləşdirilmişdir. Aparılan əlavə və dəyişikliklər qara hərflərlə göstərilməklə onların daha aydın  gözə çarpması təmin edilmişdir. Bu əlavə və dəyişiklikləri əyani görürsünüz və müqayisə edə bilərsiniz. Bununla belə, layihədə aparılan bəzi düzəlişləri sizin diqqətinizə çatdırmaq istəyirəm.
Deputat həmkarlarım Eldar Quliyev, Vahid Əhmədov, Məjlum Şükürov və Ərəstun Cavadov qeyd etmişdilər ki, hazırda torpaqların dövlət ehtiyacları üçün alınmasında ən çox narahatlıq doğuran məsələlərdən biri torpaq sahiblərinin torpağa mülkiyyət hüququnu təsdiq edən sənədlərin olmaması ucbatından yaranan mübahisələrdir. Reallıq ondan ibarətdir ki, hazırda dövlət orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqların, bələdiyyələr tərəfindən isə dövlət torpaqlarının fiziki və hüquqi şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi barədə aktlar qəbul etmələri halları mövcuddur. Digər tərəfdən, çoxlu sayda özbaşına tutulmuş torpaqlar vardır və təəssüflər olsun ki, bu proses hazırda da davam edir. Bu-nunla əlaqədar, layihənin 7.3.2-ci maddəsində torpaqla bağlı qanuni hüquqlara bir daha aydınlıq gətirilmişdir. Bu maddəyə mötərizədə verilmiş çox mühüm bir əlavə edilmişdir. Bu əlavəyə əsasən torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər dedikdə, yalnız torpağın həmin şəxsə verilməsi barədə heç bir dövlət orqanının və bələdiyyənin müvafiq aktı olmayan, yəni torpağı özbaşına zəbt edən şəxslər nəzərdə tutulur. Bu əlavə əsas verir ki, torpaqla bağlı kompensasiyanı  torpağı zəbt et-miş şəxslərdən başqa bütün torpaq sahibləri ala bilsinlər. Bundan başqa, layihənin 7.5-ci maddəsində də müvafiq dəyişikliklər aparılaraq göstərilir ki, torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər, yəni torpağı zəbt edənlər belə,  onların köçürülməsi və köçürmə zamanı daşınar əmlakına vurulmuş zərərin ödənilməsi ilə bağlı yardımlarla təmin edilirlər. Qanu-nun geriyə qüvvəsi olmadığından bu dəyişikliyin aparılması ilk növbədə özbaşına zəbtetmələrin qarşısını almağa yönəlmişdir və şübhəsiz ki, bu məsələdə onun güclü təsiri olacaqdır.
Hörmətli deputatlar Miri Qənbərov, Fazil Mustafa, Gül-hüseyn Əhmədov torpaqların dövlət ehtiyacları üçün alınması işinə geniş nəzarətin həyata keçirilməməsi ilə bağlı iradlarını bildirmişlər. Bu məqsədlə layihəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan nəzarət orqanına əlavə səlahiyyət verilməsinə yönəldilən yeni 8.5-ci maddə əlavə edilmişdir.
Hörmətli həmkarlarım Tahir Süleymanov, Hidayət Məmmədov, Qüdrət Həsənquliyev alınan torpaqların qiymətləndirilməsinin düzgün aparılmamasının hazırda ən çox mübahisə doğuran məsələlərdən biri olduğunu vurğulamış və bununla əlaqədar müvafiq əlavə və dəyişikliklərin aparılmasını məsləhət görmüşlər. Bu məqsədlə layihənin 23-cü maddəsinə 4 yeni müddəa əlavə edilmişdir. Həmin müddəalar imkan verir ki, bu prosesə müstəqil qiymətləndiricilərin cəlb edilməsi yolu ilə alınacaq torpağın bazar qiymətini daha düzgün, obyektiv və ədalətli müəyyən etmək  mümkün olsun.
Hörmətli deputatlar Novruzəli Aslanov, Azər Kərimli və Xanhüseyn Kazımlının vətəndaşların mülkiyyət hüququnun qorunmasını daha dolğun təmin etmək məqsədi ilə verdikləri tövsiyələr əsasında layihəyə yeni 32.3 və 32.4-cü maddələr əlavə edilmişdir.  32.3-cü maddədə deyilir ki, torpaq sahibi torpağın könüllü alğı-satqı yolu ilə satışına razı olduqda ona torpağın qiymətinin 10 faizi həcmində əlavə ödəniş verilir.
Hörmətli İlyas müəllimin 75-ci maddənin adı ilə məzmunu arasındakı uyğunsuzluqla bağlı iradı və həmin maddəyə “nəzarət orqanının qərarı ilə razı olmayan şəxs məhkəməyə müraciət edə bilər” məzmununda yeni müddəa əlavə etmək barədə təklifi nəzərə alınaraq 75-ci maddə “Şikayətlərin baxılması komitəsi” adlandırılmış və bu maddəyə onun qeyd etdiyi məzmunda 75.9-cu maddə əlavə edilmişdir. Eyni zamanda, bildirirəm ki, “komitə” sözünün Prezident Administrasiyasının müvafiq şöbəsi ilə yenidən razılaşdırılaraq “komissiya” sözü ilə əvəz edilməsini daha op-timal hesab etdik.
Hörmətli Rafael Cəbrayılovun layihənin 49-cu maddəsi ilə əlaqədar dediyi təklif nəzərə alınaraq bu maddəyə torpağı satın alınan icarəçinin bu torpaqla bağlı üçüncü şəxslər qarşıs-ında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərərin torpağın satınalma qiymətinə daxil edilməsini nəzərdə tutan düzəlişlər edilmişdir.
Deputat həmkarım Aynur Quliyevanın layihənin 73-cü maddəsi ilə əlaqədar təklifi nəzərə alınaraq 73.1-ci maddədən “və ya alan orqanın tələblərindən müəyyən edilə biləcək daha uzun müddətə” sözləri çıxarılmış və 73.3-cü maddədə “alan orqan” sözlərindən sonra “15 gün müddətinə” sözləri əlavə edilmişdir. Bu dəyişiklik imkan verəcək ki, yanlış ödəmə halında kompensasiya almaq hüququ olan şəxs həmin kom-pensasiyanı ən geci 45 gün ərzində ala bilsin.
Deputat həmkarlarım tərəfindən səsləndirilən müəyyən fikirlər, irad və təkliflər bu layihədə və digər qanunvericilik aktlarında öz əksini tapdığına görə nəzərə alınmamışdır. Belə ki, bəzi deputat həmkarlarım qanun layihəsində işlədilmiş “ağlabatan” sözünün başqa sözlə əvəz edilməsini tövsiyə etmişdilər. Nəzərinizə çatdırıram ki, “ağlabatan” sözü Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 76-cı, 427-ci, 458-ci, 595-ci maddələrində müxtəlif variantlarda, məsələn, “ağlabatan mühakimə”, “ağlabatan müddət”, “ağlabatan tədbirlər” və sair şəklində işlədilib. 2009-cu ilin iyun ayında qəbul edilmiş Mənzil Məcəlləsində bu söz 4 maddədə öz əksini tapmışdır. Demək istəyirəm ki, “ağlabatan” sözü təzə icad edilməyib və bir çox qanunlarda istifadə edilib. Hörmətli dilçi alimlərimiz təsdiq edərlər ki, “ağlabatan” sözü yaranmış vəziyyəti daha real, optimal, qəbul edilə bilən, məqbul sayıla bilən və digər mənalarda ifadə etmək üçün bu sözlərin əvəzinə işlənən ümumiləşdirici sözdür və onun layihədən çıxarılmasına ehtiyac yoxdur.
İkinci oxunuş zamanı bəzi çıxışlarda qanun layihəsinin 3.1.1-ci maddəsinə “su boruları”, “liman” sözlərinin əlavə edilməsi təklifi səsləndirilmişdi. Nəzərinizə çatdırıram ki, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində hidrotex-niki qurğu dedikdə digər qurğularla yanaşı, magistral sunəqledici kəmərlər və limanlar da nəzərdə tutulur. Ona görə də həmin maddədəki “hidrotexniki qurğular” sözlərinin daha geniş mənada işlənərək su borularını və limanları da əhatə etdiyindən dəyişikliyin aparılmasına ehtiyac duymadıq.
Hörmətli deputatlar, mən bu çıxışımda ikinci oxunuşdan sonra qanun layihəsinə edilən əlavə və dəyişikliklər barədə sizə məlumat verdim. Onu da bildirmək istəyirəm ki, layihənin müzakirəyə çıxarılmış bu variantı Prezident Administrasiyası ilə 3 aydan artıq bir dövrdə işlənmiş və razılaşdırılmışdır. Hesab edirəm ki, Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsinə edilmiş bu əlavə və dəyişikliklər qanunun əsas mahiyyətini, yəni torpaqların alınmasını zəruri edən dövlət ehtiyaclarının dəqiq müəyyən edilməsini, əhalinin mülkiyyət hüququnun qanunvericiliyə uyğun olaraq qorunmasını, alınma prosesinin bütün mərhələlərində şəffaflığın təmin edilməsini tam əks et-dirir və torpaqların alınmasının insanlar üçün əzablı bir problemə çevrilməməsini təmin edir.
Layihə üçüncü oxunuşun tələblərinə cavab verir və Milli Məclis tərəfindən bütövlükdə qəbul edilə bilər. Hörmətli deputatlardan xahiş edərdim ki, bu qanuna səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N.Nəsibli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, əlbəttə, mən başa düşürəm ki, bu üçüncü oxunuşdur və burada yalnız nöqtə-vergül dəyişiklikləri, stilistik dəyişikliklər ola bilər. Amma mənim demək istədiklərim layihənin konsepsiyasına aiddir. Məncə, bu qanun layihəsinin konsepsiyası doğru deyil. Çünki Avropanın inkişafı məhz şəxsi mülkiyyətin müqəddəs sayılması və bu mülkiyyətin qanunla qorunmasına dayanır. Amma bu qanun layihəsində həmin müddəa yoxdur. Tam tərsinə, mülkiyyət sahibinə ikin-ci dərəcəli bir rol verilir. Layihənin 29-cu maddəsinə görə satıcı satış prosesi ilə razı olmadıqda məhkəməyə müraciət etməlidir. Halbuki ədalət prinsipi tələb edir ki, məhkəməyə alıcı müraciət etsin.
Bu qanun layihəsi, əlbəttə, qəbul olunacaq və məncə, kor-rupsiya üçün yeni imkanlar yaradacaq. Bu gün Füzuli küçəsi və onun ətrafında baş verənlər elə bu cür zorakı münasibətin bariz nümunəsidir. Məhz bunlara görə hesab edirəm ki, bu qanun mülkiyyətə qarşı hücumlara stimul verəcək. Ona görə mən bu qanun layihəsinin əleyhinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Nəsib müəllim, yaxşıdır, Siz özünüz dedi-niz, üçüncü oxunuşdur. Bu məsələlərin hamısını biz müzakirə etmişik. Orada alıcının da, satıcının da hüquqlarını qorumaq üçün məhkəmələrə müraciət etmək imkanları nəzərdə tutulub. Bunların hamısını biz iki oxunuşda müzakirə etmişik. Vahid Əhmədov buyursun, sualı var.
V.Əhmədov. Oqtay müəllim, burada qeyd olundu, Eldar müəllimin rəhbərlik etdiyi komitə və işçi qrupu bu qanun layihəsinin üzərində çox ciddi işləyiblər. Bizim verdiyimiz təkliflərin əksəriyyəti, xüsusən 7-ci maddə qəbul olunub. Ona görə mən təklif edərdim ki, bunu səsə qoyaq. Üçüncü oxun-uşdur, bu gün burada dəyişiklik etməyəcəyik.
Sədrlik edən. Üçüncü oxunuşdur, 8 nəfər millət vəkili yazılıb. Təkid edən yoxdursa, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, üçüncü oxunuşda qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə  96
Əleyhinə  4
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və  Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında”dır. Buyursun Səməd Seyi-dov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bu gün sizin qarşınızda çox vacib qanun layihəsi var. Bu, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrini yeni müstəviyə, yeni mərhələyə yüksəldən bir qanun layihəsidir. Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin apardığı siyasət Azərbaycanı dünyaya ən yüksək səviyyədə təqdim etməkdən, dünyanı Azərbaycana gətirməkdən və ən yüksək səviyyədə Azərbaycanın maraqlarını qorumaqdan ibarətdir. Bu qanun layihəsi də Azərbaycan Respublikası və Qətər dövləti arasında vətəndaşların gediş-gəliş vizasının aradan qaldırılması istiqamətində növbəti çox vacib və məntiqli bir addımdır.
Yəqin, yadınızdadır, bir müddət bundan əvvəl parlamentimiz Azərbaycan Respublikasının və Fransa Respublikasının diplomatik pasportlara malik vətəndaşlarının vizasız gediş-gəliş məsələsini həll etdi. Bu çox vacib və əhəmiyyətli bir məsələ idi. Fransa Avropa Birliyinin ən aparıcı ölkələrindən biridir. Fransa dünya iqtisadiyyatında özünəməxsus rol oynayır və Qərb sivilizasiyasının aparıcı dövlətlərindən biri kimi qiymətləndirilir. Azərbaycanın Fransa ilə münasibətlərini bu səviyyəyə yüksəltmək bizim üçün böyük əhəmiyyət kəsb edən bir məsələ idi, biz də buna öz müsbət münasibətimizi bildirdik. Bu gün Azərbaycan Respublikasının və Qətər dövlətinin vətəndaşlarının vizasız gediş-gəliş məsələlərinin yalnız diplomatik pasportlara yox, xidməti pasportlara da şamil olunması çox vacib və əhəmiyyətli məsələdir.
Biz Qərblə münasibətlərimizi yüksək səviyyədə qurmaqla yanaşı, Şərqlə də əlaqələrimizdə diqqətli olmalıyıq. Yaxın Şərqdə nüfuzlu, güclü, iqtisadi cəhətdən təsiredici ölkə sayılan Qətərlə münasibətlərimizi bu şəkildə qurmaqla Azərbaycanın maraqlarını ən yüksək səviyyədə təmin etmiş oluruq. Ona görə komitəmiz, təbii ki, sərhədlərin bu cür açılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin atdığı addımlara və Azərbaycan vətəndaşlarının dünyaya gediş-gəliş məsələlərini yüngülləşdirmək istiqamətində aparılan siyasətə yalnız  müsbət münasibət bildirə bilərdi. Sizdən də bu qanun layihəsinə müsbət münasibət bildirmənizi xahiş edirik. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev.  Çox sağ olun, cənab Sədr. Bizim xarici işlər naziri Milli Məclisə gəlmir. Ona görə mən xahiş edərdim, əgər Səməd müəllimin məlumatı varsa, millət vəkillərinə məlumat versin ki, beynəlxalq aləmdə bizi müdafiə edən qardaş Türkiyə Respublikası ilə aramızdakı viza rejiminin qaldırılmasına mane olan səbəb nədir? Hətta artıq Rusiya ilə Türkiyə hazırlaşır ki, viza rejimini qaldırsınlar, amma iki qardaş ölkə arasında hələ də viza rejimi qalmaqdadır. Mən Qətər dövləti ilə imzalanmış bu sazişi çox yüksək qiymətləndirirəm və hesab edirəm ki, gediş-gəlişin bu cür asanlaşdırılması təkcə diplomatik pasport daşıyan şəxslər üçün deyil, həm də bizim digər vətəndaşlarımız üçün də olmalıdır. Xüsusilə biz çalışmalıyıq ki, hansı ölkələrə vətəndaşlarımız daha çox səfər edirlərsə, o ölkələrlə viza rejimini aradan qaldıraq.
Oqtay müəllim, bayaq cari məsələlər müzakirə olunanda mənə söz çatmadı. Amma indi fikrimi bir cümlə ilə bildirmək istəyirəm. Bu gün mətbuatda oxudum, böyük iqtisadi çətinliklər içərisində yaşayan Ermənistanda parlament alman faşizmi üzərində qələbənin 65 illiyi ərəfəsində müharibə veteranlarının banklarda batmış vəsaitlərini bərpa etmək haqqında qərar qəbul edib. Bizim bir neçə iclasımız qalır. Mən istəyərdim ki, mayın 9-na qədər bizim parlamentdə də belə bir qərar qəbul olunsun. Cənab Prezident bu yaxınlarda keçirilən müşavirədə söylədi ki, Azərbaycanın 22 milyard valyuta ehtiyatı var. Heç olmasa, biz bu müharibə veteranlarının banklarda batmış əmanətlərini qaytaraq. Oxudum ki, Ermənistanda onların sayı  təqribən 3700–3800 nəfərdir. Bizdə də bundan bir az artıq adam olar. Yəni bu qədər adama veriləcək vəsait təxminən 5–10 milyon manat arasında olar. Mənə elə gəlir ki, bu vəsaiti tapmaq olar. Bu, qələbənin 65 illiyi ərəfəsində bizim onlara verə biləcəyimiz ən böyük mükafat olar. Biz millət vəkilləri olaraq, həm də qürur duyarıq ki, heç olmasa, ağsaqqallarımızın, ağbirçəklərimizin hər hansı probleminə yardımçı olduq. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətimizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.59 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  101
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqındadır. Səməd Seyidov buyursun.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Azərbaycan Qərb-Şərq siyasətini çox yüksək səviyyədə həyata keçirir. Həm Qərb istiqamətində ölkələrlə, beynəlxalq təşkilatlarla, həm də Şərq aləmində xüsusi nüfuza və çəkiyə malik olan təşkilatlarla həmişə öz münasibətini ən yüksək səviyyədə təşkil edən dövlət kimi seçilib və sayılıb. Bu gün Azərbaycan 47 ölkəni özündə birləşdirən Avropa Şurasının tam səlahiyyətli üzvüdür. Azərbaycan həm də 57 ölkəni əhatə edən İslam Konfransı Təşkilatının üzvüdür. Bu gün Bakı şəhəri 100-dən çox ölkəni əhatə edən hər iki təşkilatı birləşdirən bir paytaxta çevrilib. Bilirsiniz, bu yaxınlarda Bakı İslam Konfransı Təşkilatının qərarı ilə İslam Mədəniyyətinin Paytaxtı seçildi. Bakı bundan öncə Avropa Şurasının və başqa beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi şəhər kimi dünyada tanınmışdır. Ona görə bu gün parlamentə təqdim olunan və komissiyamızda müzakirə edilən və cənab Prezident tərəfindən imzalanmış bu qanun layihəsi çox məntiqlidir.
İslam Konfransı Təşkilatı Şərqdə və dünyada getdikcə böyük nüfuza malik olan təşkilatlardan birinə çevrilir. Heç də təsadüfi deyil ki, bu yaxınlarda parlamentdə məhz Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatların adı çəkiləndə İslam Konfransı Təşkilatının adı öndə çəkildi. Bu özü-özlüyündə bizim üçün İslam Konfransı Təşkilatında aktiv fəaliyyət göstərməyimizi gündəmə gətirir. Ona görə də komissiya İslam Konfransı Təşkilatının Nizamnaməsini diqqətlə təhlil edərək onun Azərbaycan Respublikasının maraqlarına tam uyğun olduğunu qeyd etməklə yanaşı, bunu Azərbaycan siyasətinin yüksək səviyyədə təmsil olunmasına şərait yaradan bir sənəd kimi qiymətləndirmişdir. Ona görə mən hörmətli millət vəkillərini bu sənədə müsbət münasibət bildirməyə və İslam Konfransı Təşkilatı ilə əlaqələrimizi daha yüksək səviyyədə təşkil etməyə çağırıram. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Çox sağ olun, Səməd müəllim. Mən hesab edirəm ki, İslam Konfransı Təşkilatı yeganə beynəlxalq təşkilatdır ki, ilk dəfə Ermənistanın təcavüzkar mövqeyini bütün dünyaya açıqlamışdır. Bu, beynəlxalq sazişdir, bunu təzədən müzakirə etməyə nə ehtiyac var? Mən hesab edirəm ki, bu sazişi səsə qoyub, qəbul etmək lazımdır. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə  96
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında” Sazişin təsdiq edilməsi barədədir. Siz bilirsiniz ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi Azərbaycanda yaranmışdır və bu katibliyin tam hüquqlu işləməsi üçün hökumətlə katiblik arasında saziş imzalanmalı idi. İndi Səməd müəllim bu haqda danışsın, sonra mən katibliyin üzvləri haqqında sizə məlumat verəcəyəm. Səməd Seyidov buyursun.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, siz bu gün bir neçə beynəlxalq sazişə öz müsbət münasibətinizi bildirdiniz. Hörmətli cənab Sədr, Siz də qeyd etdiniz, onların içərisində bu saziş bəlkə də xüsusi əhəmiyyət kəsb edir. Məhz bu gün Azərbaycan türkdilli ölkələr içərisində lider, aparıcı, müxtəlif beynəlxalq tədbirləri, təşkilati məsələləri həll edən ölkə kimi dünyada tanınmağa başlayıb. Azərbaycan Respublikası Prezidentinin apardığı ardıcıl siyasət türkdilli ölkələrin birliyini, gücünü, dünyada sülh istiqamətində apardığı işləri nümayiş etdirməkdir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması tarixi bir hadisədir. Ancaq belə bir parlamentin işinin təşkili üçün, təbii, katiblik lazımdır. Bütün beynəlxalq təşkilatlar hansı imtiyazlara malikdirlərsə, bu katiblik də ona malik olmalıdır. Mən, Oqtay müəllim, Sizə bir millət vəkili, bir azərbaycanlı kimi minnətdarlığımı bildirmək istəyirəm ki, Siz Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinə məhz bizim parlamentdə yer ayırmısınız. Onlar burada çalışırlar, işləyirlər. Onlar bu gün bütün türkdilli ölkələri bizim parlament vasitəsi ilə birləşdirirlər. Biz bilirik ki, katiblik əsas təşkilati funksiyanı daşıyır.
Bu sənədi komitəmizdə təhlil etdik. Bu sənədin qəbulunda məqsəd Türkdilli Ölkələrin Parlament Assambleyasının işini dünya standartlarına və dünyada qəbul olunmuş beynəlxalq təşkilatların prinsipinə uyğun olaraq təşkil etməkdən ibarətdir. Təbii ki, belə bir sənədin qəbul edilməsindən sonra katiblik öz işini tam səlahiyyətli təşkil edə biləcək. İndiyənədək bizim istədiyimiz, düşündüyümüz, fikirləşdiyimiz planlar, ideyalar katiblik bu statusu alandan sonra real həyatda öz əksini tapacaq. Ona görə yekdilliklə bu sazişə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış  etmək istəyənlər çoxdur. Öncə icazə verin, mən sizi TürkPA-nın Katibliyi ilə tanış edim. TürkPA-nın Baş katibi Ramil Həsənov, TürkPA-nın Baş katibinin müavini, Türkiyə Respublikasının TürkPA-dakı səlahiyyətli nümayəndəsi Kürşad Sarıarslan, TürkPA-nın Baş katibinin müavini, Qazaxıstan Respublikasının TürkPA-dakı səlahiyyətli nümayəndəsi Mels Semqaliyev. Təəssüflər olsun ki, Qırğızıstanın nümayəndəsi burada yoxdur. Bilirsiniz ki, bu yaxınlarda Qırğızıstan parlamentinə seçkilər olacaq, ondan sonra onun nümayəndəsi müəyyənləşəcək. Çıxış üçün təkid edən varmı? Nəsib Nəsibli, Asim Mollazadə, Qənirə Paşayeva. Buyurun, Asim   Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hazırda biz çox gözəl bir hadisəni diqqətə alırıq. Tam məntiqlidir ki, Türkdilli Ölkələrin Parlament Assambleyası məhz Azərbaycan parlamentində öz katibliyini formalaşdırır. Mən diqqətinizi bir məsələyə cəlb etmək istərdim. Bu yaxınlarda Türkiyənin televiziya kanallarının birində Yerevandan qayıtmış türkiyəli jurnalist Azərbaycan barəsində çox xoşagəlməz fikirlər ifadə etdi. Guya Azərbaycan genosid məsələsində Türkiyəni yalnız qoyub, Türkiyə ilə bir olmayıb. Bu, tamamilə yalandır. Mən bir şeyi diqqətə çatdırmaq istərdim ki, Azərbaycan parlamenti də, Azərbaycanın ictimai təşkilatları da bu gün bir sıra ölkələrdə – məsələn, Amerika Birləşmiş Ştatlarında türk icması ilə bərabər işləyir.
Son vaxtlar Türkiyə–İsrail münasibətlərində müəyyən gərginliyin olmasına baxmayaraq, Azərbaycan–İsrail münasibətləri yaxşıdır. Biz yəhudi lobbisini də bu cür işlərə, yəni Türkiyə ilə bizim haqlı işimizə dəstək verməyə dəvət edirik. Ancaq, hörmətli Oqtay müəllim, istərdim ki, bir məsələdə Sizdən dəstək alım. Bu yaxınlarda Kaliforniya ştatının Los-Anceles şəhərində bütün beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən bir hadisə baş vermişdi. Bir qrup erməni Kalaşnikov silahı ilə kafedə bir neçə adamı qətlə ye-tirmişdi. Bu bizə onu xatırlatdı ki, vaxtilə bu ştatda 7 türk dip-lomatını qətlə yetirən terrorist şəbəkə hələ də mövcuddur.
Azərbaycanın Kaliforniyada çox uğurlu işlər aparan baş konsulluğu bu radikal erməni təşkilatlarını çox həyəcanlandırıb. Hörmətli cənab Sədr, mən Sizə Amerikadakı erməni mətbuatında Azərbaycan diplomatlarına qarşı hədə-qorxu ilə dolu olan məqalələri və video lentləri çatdırmışam. Azərbaycanın Kaliforniyadakı Baş konsulluğu bir neçə universitetdə  genosidlə və Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tədbirlər keçirərkən radikal daşnak təşkilatları onlara hücum edir və çox ciddi şəkildə hədə-qorxu gəlirlər. Bu məsələ ilə bağlı mən Amerika diplomatları ilə də danışmışam, Dövlət Departamentinə müvafiq məktub ünvanlamışam. 
Bir şeyi də nəzərə almalıyıq ki, Amerika erməni milli komitəsinin keçmiş sədri Murad Topalyan Ohayo ştatında  terror təşkil etdiyinə görə həbs olunmuşdu, amma vaxtından tez azadlığa buraxılıb. Bu özü artıq çox ciddi şübhələr yaratdı. Konsulluğun təhlükəsizliyini təmin etmək üçün orada ştat vahidləri genişlənməlidir, Kaliforniyaya təhlükəsizlik məsələləri ilə məşğul olan müvafiq mütəxəssislər ezam olunmalıdır. Eyni zamanda, hörmətli cənab Sədr, çox istərdim ki, Azərbaycan parlamenti də parlamentlərarası münasibətlərdən istifadə edərək Azərbaycan və Türkiyə diplomatlarının təhlükəsizliyi ilə bağlı həm Konqresə, həm də Amerika Birləşmiş Ştatlarının dövlət administrasiyasına xüsusi  müraciət etsin. Çünki erməni terror təşkilatlarının fəaliyyətini biz çox yaxşı bilirik. Türklərə qarşı istənilən  təhlükəli üsullara əl atan radikal erməni terror təşkilatları yenə də fəaliyyətlərini artırıblar və bu təhlükəni yaradırlar. Mənə elə gəlir ki, bütün bunlar Türkdilli Ölkələrin Parlament Assambleyasında ciddi müzakirə olunacaq və bizim parlamentdə işə başlayan katiblik çox böyük işlər görəcək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N.Nəsibli. Çox  təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bizə düşən bu sənədə və bu təşkilata “xeyirli olsun” deməkdir. Arzu edirik ki, bu təşkilat Türksoy kimi adı olub, amma işi olmayan təşkilatın fəaliyyətini təkrarlamasın və işləyən bir təşkilat olsun. Demək istədiyim iki  məqam var. Bu katibliyin Azərbaycanda olmasının çox böyük əhəmiyyəti var, çünki Azərbaycan  türk dünyasının coğrafi mərkəzidir.
İkinci, bu sənəddə mənim qəbul etmədiyim bir məsələ var. Bu da çox konseptual bir məsələdir. “Türkdilli ölkələr” deyilir. Bu, sovet dövründən qalma bir absurddur. Soruşanda deyirlər ki, Orta Asiya cümhuriyyətləri buna etiraz edirlər. Anlaşılandır, amma, həqiqətən də, “türkdilli ölkələr”, “türkdilli millətlər” elə absurd bir ifadədir ki, heç təsəvvür etmək mümkün deyil. Bu gün hətta bizdə də çox böyük problemlər var. Bu gün Təbrizdə milli şüura malik olan  insanlar stadionlarda “mən türkəm” deyə hayqırırlar, “Təbriz, Bakı, Ankara, farslar hara, biz hara”, “türk dilində mədrəsə, olsun gərək hər kəsə” kimi şüarlar səsləndirirlər. “Türkdilli” sözü, həqiqətən də, onu əks etdirmir. Necə yəni dili türk olsun, özü türk olmasın?
Bununla bağlı bir məsələni demək istəyirəm. Digər millət vəkillərinə də bu barədə müraciət olunub. Binəqədi rayonun-dan Qarabağ müharibəsi veteranı yazıb ki, uşağıma Binəqədi Rayon Qeydiyyat Şöbəsində şəhadət vəsiqəsi almaq istəyirəm. Həmin şəxs məktubunda yazır ki, mən sovet adamı deyiləm və müstəqil dövlətin vətəndaşıyam. Milli kimlik prinsiplərinə dayanaraq özümü türk hesab edirəm, ona görə onun da türk kimi qeydə alınmasını istəyirəm. Ona rədd cavabı veriblər. Rədd cavabı verməkləri bir yana qalsın, onu hətta şöbədə təhqir ediblər. Əslində, onu deyil, ümumiyyətlə, Azərbaycanı təhqir ediblər. Demək istəmirəm ki, hansı etnik azlığın nümayəndəsidir. Çünki bunun əhəmiyyəti yoxdur. Məncə, bu məsələdə konseptual yanaşma olmalıdır. Əlbəttə, mən bu sənədi dəstəkləyirəm, “xeyirli olsun” deyirəm. İstədim ki, “türkdilli ölkələr” və “türkdilli millətlər” ifadəsinin doğru olmadığını diqqətinizə çatdırım. Çox təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nəsib müəllim, birinci, xeyir-dua ilə başladın, sonra  qara yaxdın. Xeyir-dua hara, qara yaxmaq hara?  Mən hesab edirəm ki, Türkdilli Ölkələrin Parlament Assambleyası çox düzgün ifadədir. Onun Azərbaycanda katibliyinin yaradılmasının əsas səbəblərindən biri də Azərbaycanın yerləşdiyi coğrafi  məkandır. Azərbaycanın həm Orta Asiyaya, həm də Türkiyəyə yaxın olması və gediş-gəlişin  rahatlığı baxımından  katiblik burada yaradıldı. Katibliyin Nizamnaməsi, qaydaları var. Katibliyin tərkibi 4 ildən bir dəyişəcək. Bunların hamısı öz yerindədir.
Bir xahişim var. Mən hörmət edirəm, çıxış etmək istəyən deputata söz verirəm. Amma bundan istifadə edib başqa mövzulardan danışmaq lazım deyil. Birinci, qeydiyyat haqqında elə bir qanun varmı ki, sən “adımı türk yazıram” deyəsən? Qanun layihəsi hazırlanır, bunun üçün qanun olmalıdır. Bazar deyil ki? Biri sabah deyəcək ki, mən erməniyəm. Etiraz olacaq ona?
Qənirə xanım, buyurun. Xahiş edirəm, bir az konkret dan-ışın.
Q.Paşayeva. Oqtay müəllim, cari məsələlərin müzakirəsində mənə zaman çatmadı. Ona görə çalışacağam, çox qısa zaman ərzində bir neçə məsələ ilə bağlı fikirlərimi deyəm. İlk öncə demək istəyirəm ki, hamımız bunu Azərbaycan dövlətinin, onun rəhbəri cənab Prezidentin apardığı siyasətin nəticəsi kimi qiymətləndiririk və alqışlayırıq. Bu, Azərbaycanın TürkPA-nın yaradılmasına, türk dövlətlərinin birliyi məsələsinə verdiyi önəmin nəticəsi idi. Katibliyin də Azərbaycanda yerləşməsi çox mühüm hadisədir. Katibliyin üzvlərini də şəxsən tanıyıram, çox fəal, enerjili insanlardır. Bilirəm ki, onların fəaliyyəti dövründə TürkPA-nın katibliyi çox yaxşı şəkildə işləyəcək. Mən onlara uğurlar arzulayıram.
TürkPA-nın tez bir zamanda tam gücü ilə işə başlaması çox vacibdir. Söhbət nədən gedir? Bu gün elə dövlətlər var ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın əleyhinə fəaliyyət göstərirlər. Məqsədləri Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən, Ermənistan işğal etdiyi torpaqlardan çıxmadan öncə Türkiyə–Ermənistan münasibətlərinin qurulması və sərhədlərin açılmasıdır. O dövlətlər müxtəlif təzyiqlərə əl atdılar, amma bu bir nəticə vermədi. Amma onların müəyyən uzantıları var. Onlar bu gün müxtəlif yerlərdə fəaliyyət aparırlar. Türkiyədəki bəzi yazarlar çox təəssüf ki, həm Türkiyənin, həm Azərbaycanın, həm də bu birliyin əleyhinə   addımlar atırlar. Məqsədləri nədir? Azərbaycanı Türkiyədə və türk dünyasında gözdən salmaq kimi bir kampaniyaya başlayıblar. Mən istəyirəm ki, bunu açıq şəkildə deyək. Bizim türkiyəli qardaşlarımızın burada televiziya kanalları, agentlikləri var. Onlar bizim səsimizi eşitməlidirlər və bu cür təxribatlarla, yanlış məlumatlarla Azərbaycanı  gözdən salan insanlara inanmamalıdırlar.
Yalandan məlumat yayırlar ki, guya qondarma erməni soyqırımı heç onların vecinə deyil və bu məsələdə Türkiyəyə dəstək vermirlər. Hər kəs, bütün dünya da şahid oldu ki, Amerikada komitədə bir qərar qəbul edilən kimi, Azərbaycan parlamenti bunu müzakirə elədi, qərar qəbul etdi. Cənab Prezident Türkiyənin Prezidentinə zəng etdi. Azərbaycan di-asporu da bu istiqamətdə əlindən gələni edir. Bu gün Türkiyə–Azərbaycan münasibətlərini soyuqlaşdırmaq istəyən bu cür güclərə imkan verilməməlidir.
Qarşıdan aprelin 24-ü gəlir. Ermənilər və onların havadarları yenə qondarma erməni soyqırımı iddiaları ilə cürbəcür ölkələrdə kampaniyalar aparmağa başlayacaqlar. Azərbaycan  həmişə bu məsələyə qarşı mübarizəni özünün məsələsi hesab edir və həmişə fəallığı ilə seçilib. Yəni Azərbaycan daim qondarma erməni soyqırımı iddialarına qarşı olub, mübarizə aparıb. Bu mübarizəni bu gün də bütün səviyyələrdə həm deputatlar, həm də diplomatlar davam etdirir. Mən istərdim ki, buradan bütün türk diasporunun nümayəndələrinə, xüsusilə də şimallı, cənublu olmasından asılı olmayaraq bütün azərbaycanlılara səslənim. Bizim insanlarımız həmişə olduğu kimi, bundan sonra da qondarma erməni soyqırımı iddialarına qarşı daha kəskin mübarizə aparmalıdır, çünki bu bizim millətimizin üzərinə atılan bir ləkədir, iftiradır, böhtandır. Bizim insanlarımız da aprelin 24-də dünyanın hər yerində keçiriləcək tədbirlərə qatılacaqlar. Onlar qondarma erməni soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinə mane olmalı, sözlərini deməli, beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırmalıdırlar. Bizim Türkiyədəki qardaşlarımız bilməlidirlər ki, Azərbaycan həmişə olduğu kimi, bu gün də, gələcəkdə də bütün məsələlərdə, xüsusilə də bu böhtan və yalanların qarşısının alınmasında onların yanında olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli. Buyurun, Fəzail müəllim.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Təbii ki, bu məsələ ilə bağlı fikirlərin kəsilməsi məqamında danışanda bəlkə də fikirlərim yoldaşlara yük olar. Mən bu parlament as-sambleyasının üzvü seçildiyim üçün istəyirəm, çox qısa şəkildə bəzi məqamları deyim. TürkPA-nın Parlament As-sambleyasının yaradılması nəticə etibarilə bir assambleyanın yaradılmasıdır. Məzmun, mahiyyət etibarilə isə kifayət qədər çox böyük əhəmiyyət kəsb edir. Bu nədən ibarətdir?
Birincisi, bu, vaxtilə Avrasiya qitəsində mövcud olmuş, parçalanmış türk xəttinin siyasi cəhətdən bərpasıdır. Sibir türkləri assimilyasiyaya uğradıldı, türklər orada ayrı düşdülər. Orta Asiya türkləri assimilyasiyaya uğradıldı, Tatarıstan və sair türk dünyasından ayrıldı. Çeçenlər və sair xalqlar Şimali Qafqazdan köçürüldü, Azərbaycan təkləndi. Türk diplomatının dili ilə desək, Azərbaycanla Türkiyə arasında bir erməni dövləti yapıldı. Türk dünyasını parçalamaq, didmək, bir-birindən ayrı salmaq siyasətinə qarşı bu parlamentin yaradılması bu gün si-yasi cəhətdən kəsilmiş, qırılmış xəttin bütövləşməsidir.
Bu həm də bu gün Türkiyə ilə Azərbaycan arasında nifaq yaradan dünya dövlətlərinə bir mesajdır. Bu dövlətləri ayrı salmaq, türkü türkdən ayırmaq olmaz. Azərbaycanın tarixi taleyində böyük rolu olan türkü Azərbaycandan nəinki ayır-maq olmaz, hətta bunlar birləşib bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasını yaradırlar.
Nəhayət, bu, burada oturanların hər birinin şərəfli bir tərcümeyi-halıdır. Məhz bizim dövrümüzdə, bizim vaxtımızda Bakıda, Azərbaycan parlamentində bu təşkil olundu. Bu bizim hər birimizin siyasi taleyimizdə, tərcümeyi-halımızda ən şərəfli səhifələrdən biridir. Eşq olsun o günə, o parlamentə, onu yaradanlara! Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə  101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. TürkPA-nın Katibliyini təbrik edirik. Ratifikasiya olundu. Sizə işlərinizdə müvəffəqiyyət arzulayırıq.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədədir. Buyursun Əli Hüseynov.
Ə.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, su təchizatı, qaz və elektrik enerjisi ilə bağlı qanunlara edilmiş əlavədən irəli gələrək İnzibati Xətalar Məcəlləsinə iki yeni maddənin əlavə olunması təklif olunur. Birinci, “Su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsi” adlı 101-1-ci maddəyə təklif olunur ki, fiziki şəxslər 20 manat miqdarında, vəzifəli şəxslər 50 manat miqdarında, hüquqi  şəxslər 100 manat miqdarında cərimə edilirlər. Eyni zamanda, “Qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələrin törədilməsi” adlı 116-1-ci maddəyə də təklif olunan sanksiyalar su təchizatı sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə eynidir. Fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 50 manat, hüquqi şəxslər 100 manat miqdarında cərimə edilirlər. Hesab edirəm ki, bu xətaya uyğun da sanksiyalar təklif olunub. Millət vəkillərindən bunu dəstəkləməyi xahiş edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən.  Yazılanlar təkid eləyirlər? Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, Bahar xanım. Mənim təklifim ondan ibarətdir ki, bunu dəstəkləyək, səs verək və fasiləsiz işləyək. Gündəliyə baxıram, o qədər çox məsələ yoxdur. Hesablama Palatası da çıxış eləyər, inşallah, dəstəkləyərik. Mən təklif edirəm, fasiləsiz işləyək.


Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Çox konstruktiv təklifdir. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam eləyək. İltizam Əkbərli.
İ.Əkbərli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli deputatlar, mən, əsasən, elektrik enerjisi sahəsində qanunvericiliyə edilən əlavə ilə əlaqədar fikirlərimi bildirmək istəyirəm. Adətən, bu tipli layihələr müzakirəyə çıxarılanda istər-istəməz bir suala cavab tapmağa çalışıram. Nəyə görə iki tərəf arasındakı mübahisələri həll etmək üçün nəzərdə tutulan bu layihələrdə ancaq bir tərəfə, istehsalçıya mümkün olan hər bir şərait yaradılır, amma digər tərəf olan istehlakçının, yəni əhalinin mənafeyi isə əksər hallarda unudulur? Vaxtilə burada  qaz, su və elektrik enerjisi ilə əlaqədar müvafiq layihələri müzakirə edəndə biz istehlakçının mənafeyinin qorunması üçün bir neçə bəndin əlavə edilməsini təklif etmişdik.
Təəssüflər olsun ki, təkliflərimizin heç biri nəzərə alınmadı və nəticədə əhalinin mənafeyi nöqteyi-nəzərindən vəziyyəti ölü nöqtədən tərpətmək mümkün olmadı. Sayğaclar quraşdırıldı, borcların ödənilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlər sərtləşdirildi. Ancaq bu tədbirlər işlədilən elektrik enerjisinin pullarının ödənilməsində qayda-qanun yaradılmasını və insanlara fasiləsiz elektrik enerjisinin verilməsini təmin etmək əvəzinə, əksinə, bu sahədəki problemləri daha da artırdı. Bu gün müzakirə etdiyimiz bu layihə də yerlərdə yaranan çox gərgin vəziyyəti, hesab edirəm ki, bir qədər də gərginləşdirəcək. 
Mən bu layihənin qəbul edilməsinin əleyhinə deyiləm. Ancaq, fikrimcə, qanunlara bu tipli əlavələr etməzdən əvvəl Azərbaycan reallığına uyğun olaraq istehsalçı ilə istehlakçı arasında mövcud olan vəziyyətin səbəbləri araşdırılmalı, illərlə yığılıb qalan və qazanc məqsədi ilə məmurlar tərəfindən əhalinin adına yazılan külli miqdarda borclar məsələsinə aydınlıq gətirilməlidir. Hörmətli deputatlar, fakt budur ki, hazırda istehlakçıların xeyli hissəsi elektrik enerjisi borclusu kimi qeydə alınmışdır. Mən bu halın bütün rayonlar üçün xarakterik olduğunu nəzərə alaraq ötən iclasda bu məsələyə toxunmuşdum və əhali arasında “sayğac sürüşdürməsi” adlanan əməliyyat nəticəsində istehlakçıların süni şəkildə borclanmasına aydınlıq gətirmişdim. Cənab Sədr mənin çıxışıma münasibət bildirəndə bu sahənin kompüterləşdiyini əsas gətirdi və saxtakarlığın mümkün olmadığını qeyd etdi.
Mən bu barədə mətbuata danışmışam. Kiçik bir araşdırma nəticəsində tamamilə fərqli bir situasiyanın şahidi oldum. Təsəvvürünüzə gətirin ki, təsadüfən saxladığım qəbzlərin yoxlanması nəticəsində məlum oldu ki, – hətta mənim deputat olduğum da nəzərə alınmayıb, – 2008-ci ilin fevral, mart və aprel aylarında ödədiyim elektrik pulları kompüterdə qeydə alınmayıb. Halbuki bu gün mənim əlimdə həmin pulların ödənilməsi haqqında 3 qəbz vardır. Ona görə bir daha bildirirəm ki, əhalinin ödədiyi elektrik enerjisi pullarının qeydə alınmaması və ya kommersiya təşkilatlarının işlətdiyi elektrik enerjisi pullarının əhalinin adına yazılması nəticəsində istehlakçılar yerlərdə 200–300 manat, bəzi hallarda isə bundan da böyük məbləğdə borclu salınmışlar. Bu borcların düzgün olmadığını sübut etmək üçün onlardan 2007, 2008 və 2009-cu illərin qəbzləri tələb edilir.
Bu gün bu zalda əyləşənlərın arasında sorğu aparsaq, çox az adam tapmaq olar ki, 2009-cu ilin qəbzini saxlamış olsun. 2007 və 2008-ci illərin qəbzləri isə, yəqin ki, çoxdan atılmışdır. Təbii ki, əhalinin əksəriyyəti bu qəbzləri saxlamadığı üçün yerlərdə çox anormal bir vəziyyət yaranmışdır. Təsadüfən qəbzlərini saxlayanlar borclu olmadığını sübut edir, qəbzlərini saxlaya bilməyənlər isə borclu kimi qeydə alınır. Son aylarda isə istehlakçı ilə  istehsalçı arasında bu mübahisələr elə həddə çatıb ki, buna bəzi hallarda hətta inzibati orqanların rəhbərləri də müdaxilə etmək məcburiyyətində qalıblar.
Belə bir şəraitdə enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxsinə səlahiyyətləri çərçivəsində tədbirlərin həyata keçirilməsinə, yaxud həmin şəxsin qanuni tələblərinin yerinə yetirilməsinə istehlakçı tərəfindən maneələr törədilməsinə görə cərimələr edilməsi səlahiyyətinin verilməsinin yaradacağı vəziyyəti, yəqin ki, hamımız təsəvvür edirik. Ona görə də hesab edirəm ki, böyük məbləğdə olan borc problemini həll etmədən bugünkü  layihənin qəbul edilməsi yerlərdə çox ciddi problemlər yaradacaq. Tətbiq olunan cərimələr əhalinin, istehlakçının onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdıracaqdır. Dövlətin kifayət qədər imkanı vardır və bu imkan hesabına əhalinin adına yazılan böyük məbləğdə borcları silmək mümkündür. Bir qədər əvvəl qaz borcları ilə əlaqədar bu praktika tətbiq edilmişdir. Fikrimcə, əhalinin indiki ağır durumu nəzərə alınmalı, istehlakçıların bu borclarının dövlət hesabına silinməsi həyata keçirildikdən sonra bu qanunun qüvvəyə minməsi təmin edilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid müəllim, sualınız var? Buyurun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Əli müəllimdən öyrənmək istərdim ki, ümumiyyətlə, bu dəyişikliyə nə ehtiyac var? Bu nədən əmələ gəlib? İkincisi də, burada istənilən yoxlayıcı istənilən fiziki şəxsə bunu tətbiq edə bilər, çünki bu, çox böyük anlayışdır. Ona görə mən də hesab edirəm ki, bunun tətbiqində ciddi problemlər yaranacaq. Yəni bu, ola bilsin ki, əhali arasında müəyyən nəticələrə gətirib çıxarsın. Bu nə ilə əlaqədardır və belə bir maddəni niyə bura tətbiq edirik? Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Birincisi, Ziyafət müəllim, yanlış təsəvvür yarandı ki, guya İnzibati Xətalar Məcəlləsi və bizim qanunvericiliyimiz  ancaq istehlakçıya yönəlib. Əgər parlamentarilər İnzibati Xətalar Məcəlləsinə diqqətlə fikir versəydilər, görərdilər ki, biz vaxtilə  istehsalçılarla bağlı çox ciddi sanksiyalar nəzərdə tutmuşuq. Vəzifəli, səlahiyyətli şəxs tərəfindən qanunun tətbiqi məsələləri pozularsa, bilirsiniz ki, buna görə sanksiyalar çox ciddidir. 1000–2000 manatadək cərimələr nəzərdə tutulmuşdur.
Burada isə məsələ, məncə, çox aydındır. Hər iki sahə ilə bağlı qanunvericilik var. Su, qaz və elektrik. Təbii ki, burada aidiyyəti komitə də var, aidiyyəti qanunvericilik də. Səlahiyyətli şəxs öz vəzifəsini yerinə yetirir, amma bu zaman istehlakçı ona mane olur. Bu, səlahiyyətli şəxsin qanunda nəzərdə tutulan vəzifəsini yerinə yetirərkən baş verir. Hesab edirəm ki, bu xətanın özünün müəyyən mənada kiçik olduğu və eyni zamanda, istehlakçının da mənafeyi nəzərə alınmış, cərimələr kifayət qədər kiçik məbləğdə müəyyənləşdirilmişdir. Bu, sual doğurmadı. Fiziki şəxslər üçün 20 manat nəzərdə tutulub. Mən sizə deyim ki, İnzibati Xətalar Məcəlləsində bundan aşağı cərimə nəzərdə tutulmayıb. Yəni başqa heç bir maddədə görməzsiniz ki, 20 manat məbləğində cərimə nəzərdə tutulsun. Hər hansı bir müəssisəyə daxil ola bilmirlərsə, daha doğrusu, onlara maneçilik törədilirsə, hüquqi şəxslər üçün 100 manata qədər cərimə nəzərdə tutulur. Hesab edirəm, burada ədalətli balans var, istehlakçının maraqları nəzərə alınıb. Amma istehlakçı da bilməlidir ki, səlahiyyətli şəxs qanunvericiliyin tələblərini yerinə yetirərkən ona mane olmamalıdır. Burada hər iki tərəf qanunun tətbiq olunmasında maraqlı subyekt kimi iştirak eləməlidir. Çox sağ olun.
Sədrlik edən. Tamamilə doğrudur. Əli müəllim, mən Sizin mövqeyinizi müdafiə edirəm. Burada məqsəd nədən ibarətdir? Biz bəzən su, enerji, yaxud qaz təchizatı müəssisəsinin rəsmi nümayəndəsindən şikayətlənirik. Təzə evlərdə bunlar bloklarda, çöldə qoyulub, bunu görmək mümkündür. Amma bəzən köhnə evlərdə elektrik sayğacları içəridə qoyulub. Səlahiyyətli nümayəndənin ona baxmaq imkanı yoxdur. Qapını döyür, deyir ki, aça bilmərəm, filan vaxt gələrsən. Filan vaxt gəlir, deyir ki, qapını aça bilmərəm, yoldaşım evdə yoxdur. Əgər qanuni nümayəndə gəlibsə, baxmalıdır da. Sayğacı görməlidir ki, nə qədər yazıb. Ona görə də hesab edirəm, imkan verilməlidir ki, həmin təşkilatın qanuni nümayəndəsi öz qeydlərini aparsın.
Nə problem var ki? Mən hesab edirəm ki, bu, arada olan narazılıqları, gərginliyi aradan götürmək üçündür. Düşünürəm ki, bu, normal bir qanun layihəsidir və buna səs verib qəbul etməliyik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə  93
Əleyhinə  6
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Hadi müəllim üzrlü səbəbdən iclasda iştirak etmir. Musa Quliyev, buyurun.
M.Quliyev, Milli Məclisin Sosial siyasət komitəsi sədrinin müavini.
Sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, cənab Prezident qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsini baxılmaq üçün Milli Məclisə göndərmişdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə ediləcək dəyişikliklər uşağın doğulması haqqında məlumatların vaxtında lazımi orqanlara çatdırılması və uşağın doğulması haqqında məlumatların VVAQ orqanlarında məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyətinin informasiya sisteminə ötürülməsi ilə bağlıdır. Dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, əgər indiyə qədər mövcud məcəlləyə görə uşağın valideynləri, yaxud tibb müəssisələri uşağın doğulması haqqında yalnız məlumat verirdilərsə, indiki dövrdə uşağın  doğulmasını qeydə almaq üçün müraciət edirlər.
Digər bir dəyişiklik ondan ibarətdir ki, bayaq qeyd etdiyim kimi, uşağın doğulması haqqında məlumatlar artıq müvafiq icra orqanının məlumat informasiya sisteminə yerləşdiriləcəkdir. Bu məlumatların vaxtında, yaxud düzgün ötürülməməsinə görə həm uşağın valideynləri, həm də lazımi vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Əgər bu günə qədər uşağın doğulması haqqında məlumatlar ən geci üç ay müddətinə müvafiq icra orqanlarına ötürülməli idi isə, indi bu müddət bir aya endirilir. Yəni bir ay müddətində doğum haqqında bütün məlumatlar müvafiq icra hakimiyyəti orqanlarına verilməlidir.
Eyni məsələdən doğan dəyişikliklər İnzibati Xətalar Məcəlləsində də öz əksini tapır. Doğumun qeydə alınması qaydasının pozulmasına görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək miqdarda cərimə olunurlar. Üzrlü səbəb olmadan uşağın valideynləri bir ay müddətində uşağın doğulması barədə məlumatları müvafiq orqanlara göndərmirlərsə, onlara xəbərdarlıq edilir və ya 10 manat miqdarında cərimə olunurlar.
Dəyişikliklərin mahiyyəti bundan ibarətdir. Pozitiv dəyişikliklərdir və bu dəyişikliklər uşağın dünyaya gəlməsi ilə bağlı məlumatların vaxtında və dəqiq icra olunmasına xidmət edəcəkdir. Hörmətli millət vəkillərini layihəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Musa müəllim. Qanun layihəsinin müzakirəsi ilə əlaqədar çıxış üçün yazılan deputatlar var. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də hesab edirəm ki, Ailə Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında təklif olunan variant məqbul variantdır. Amma bir sıra məsələləri də diqqətinizə çatdırmaq istəyirəm. Doğrudan da, doğulan uşaqların qeydə alınması, o cümlədən informasiyanın valideynlər və tibb müəssisələri tərəfindən müvafiq icra hakimiyyətinə ötürülməsi çox ciddi problemlər yaradır. Bəzən uşaq az qala məktəb yaşına çatır, hələ doğum haqqında şəhadətnaməsi,  müvafiq icra hakimiyyətində qeydiyyatı yoxdur və sair.
Mən hesab edirəm, nikah məsələlərində də ciddi dəyişikliklər edilməlidir. Bu gün Azərbaycanın bir çox yerlərində, xüsusən kənd rayonlarında toy olur, ailə qururlar, amma nikah qeydiyyatı olmayır. Bəzən bunu molla nikahı ilə rəsmiləşdirirlər və hər kəs işini bitmiş hesab edir. Valideynlər də, müvafiq icra hakimiyyəti orqanları da, hətta bunu bilən kənd icra nümayəndələri də bu məsələlərlə bağlı müvafiq orqanlara məlumat vermirlər. Hesab edirəm, ilk növbədə bununla bağlı məsuliyyət müəyyən olunmalıdır və nikahın qeydə alınması ciddi şəkildə müvafiq icra hakimiyyətləri tərəfindən rəsmiləşdirilməlidir.
İkinci, nikaha daxil olarkən şəxsin üzərinə götürdüyü məsuliyyət məsələləri də çox ciddi məsələlərdir. Hesab edirəm, bu, tənzimlənməlidir. Təbii ki, razılıqların əldə olunması, müqavilələrin imzalanması və sair nəzərdə tutulur. Amma bunlar, görünür, yetərli deyil. Ailə-məişət münasibətlərində ciddi problemlər yaranır. Boşanmaların da sayının artması həm ictimai qınağın, həm də məsuliyyətin az olmasından irəli gəlir. Nəticədə boşanarkən çoxsaylı problemlər üzə çıxır və məhkəmələr də bəzən bunları həll edə bilmirlər. Ona görə də hesab edirəm, bu dəyişikliklər içərisində nikaha daxil olan şəxslər xüsusi blanklar doldurmalıdırlar. Nikah sənədləri içərisində şəxsiyyət vəsiqəsi necə təqdim olunursa, məhz həmin blanklar da doldurulub təhvil verilməlidir. Əks təqdirdə həmin şəxslər nikaha alınmamalıdırlar ki, sabah məhkəmələrdə problemlər bu və ya digər şəkildə həllini tapmasın, mübahisələr yaransın. Hakimlərin də verdikləri qərarlar tərəflər arasında mübahisəyə, münaqişəyə və nəticədə sonrakı instansiya məhkəmələrinə gedib  çıxmağa səbəb olmasın. Hesab edirəm, bu, Azərbaycanda ciddi bir problemdir və həmin problemi biz, millət vəkilləri burada qanunvericiliyə edilən dəyişikliklərlə tənzimləməliyik. Nəticədə həm mübahisələrə son qoyarıq, həm də boşanmaların faizi aşağı düşər.
Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməsinin də məsuliyyəti qanunla müəyyən olunur. Amma hesab edirəm, valideynlərin üzərinə çox az məsuliyyət qoyulur. Doğum haqqında məlumatın qeydə alınmaması sabahkı proseslərdə də, boşanma hallarında da çox ciddi, hüquqi nəticələrə gətirib çıxarır. Bu yaxınlarda mənə müraciət etmişdilər, 6 yaşında uşağı var, amma heç yerdə qeydiyyatı yoxdur. Nə məhkəmə, nə də valideynlər bu məsələni həll edə bilirlər. Həmin adamın uşağın atası olub-olmaması da mübahisə predmetidir və uzun illər məhkəmə çəkişməsi gedir, axtarışlar və sair. Ona görə də hesab edirəm, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə valideynlərin üzərinə düşən məsuliyyəti bir qədər sərtləşdirmək lazımdır. Əgər uşaq dünyaya gəlibsə, uşağın gələcək taleyini heç kim şübhə altına qoymamalıdır. Heç kim sabah onun problemlərlə üzləşməsinə, valideynsiz böyüməsinə  və  bunun müqabilində məsuliyyət hiss etmədən boşanmalara səbəb olmamalıdır. Ona görə də valideynlərinə “xəbərdarlıq edilir və ya on manat miqdarında cərimə edilir” sözləri əvəzinə “yüz manat miqdarda cərimə edilir” yazmaqla valideynlərin üzərinə məsuliyyət qoymaq lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, Ziyafət müəllim. Mən hesab edirəm ki, bu cür dəyişikliklər Azərbaycanda səhiyyə sistemində islahatların aparılmasına, həmin sistemdə dəyişikliklərə, ana və uşaq ölümünün sayının azalmasına, yaxud da uşaqların qeydiyyatı məsələsinin sürətlənməsinə mühüm bir fayda verəcək, dəyişiklik yaradacaq. Bu gün Azərbaycanda bəlkə də diqqətdən kənarda qalan ən acınacaqlı sahə, hesab edirəm ki, səhiyyə sistemidir. Biz bu sahəyə, doğrudan, ciddi diqqət yetirməliyik.
Mən fürsətdən istifadə edərək bu məsələyə aid bir misal gətirmək istəyirəm ki, vəziyyətin nə qədər faciəli olduğu haqqında hörmətli millət vəkillərində təsəvvür yaransın. Təsəvvür edin, bir ay öncə mənə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun kəndindən bir ailə müraciət etdi ki, onlar dörd əkiz uşaq gözləyirlər və hamiləlik 6 aylıqdır. Onların Səhiyyə Nazirliyində qeydiyyata durması vacibdir, köməklik etmək lazımdır. Mən bütün imkanlardan istifadə edərək,  oradakı müvafiq qurumların rəhbərləri ilə danışdım, onları qeydiyyata saldırdım, onlar müvafiq sağlamlıq mərkəzinə getdilər, onlara müəyyən tövsiyələr və başqa məsləhətlər verildi.
Yaxın günlərdə, bir həftə öncə əlaqə saxladım və bildim ki, səhiyyə sistemimizin naqisliyi ucbatından 4 uşaq öldü. Bunun səbəbini də bildirdilər ki, burada müvafiq aparatlar yoxdur. Qadını xaricə göndərmək lazım idi, ailənin isə buna imkanı yoxdur. Biz bu qədər texniki aparatlar, cihazlar, hər şey almışıq. Mən də araşdırdım ki, bu məhz səhiyyə sistemimizdə olan nöqsanla bağlıdır. Təsəvvür edin ki, bir ailənin 4 uşağı 6–7 aylığında həlak olur. Azərbaycanın səhiyyə sistemində onları müalicə edəcək, xilas edəcək imkanlar yoxdursa... Bu məsələ təkcə binaların təmiri, yataqların gözəlləşdirilməsi, koridorların silinməsi ilə həll olunmur. Mütəxəssislər kifayət qədər azdır. Gələn aparatları, texniki vasitələri işlədəcək mütəxəssislərin sayı minimumdur. Həkimlərin, tibb işçilərinin sayı nə qədər çox olursa olsun. İndi müxtəlif sahələrdə islahat keçiriblər, məsləhətxanaları ortadan qaldırdılar, bu isə uşaq ölümlərinin sayına çox təsir edir. Görən bu, nəticə verəcəkmi? Mən hesab edirəm ki, yox.
Səhiyyə sahəsinə xüsusi diqqət yetirilməlidir. Burada aparılan işlərin, islahatların faydalı olub-olmaması müzakirə edilməlidir. Bir vətəndaş, deputat kimi istəyərəm ki, ölkəmizdə bu cür hadisələr baş verməsin. Dörd uşağın ölümü, onların xilas edilməsi üçün texniki imkanların olmaması Azərbaycan üçün böyük faciədir, məncə, bundan utanmaq lazımdır. Ona görə də bu sistemdə baş verən prosesləri ciddi müzakirə etməliyik. Bu sahədə nöqsanlar təcili ortadan qaldırılmalıdır. Başqa sahədə, ola bilsin ki, nəyi isə ört-basdır, bərpa etmək olar. Amma səhiyyə sahəsində xeyli problem var. Mən hesab edirəm ki, bunlara xüsusi diqqət yetirməliyik.
Bu kimi dəyişikliklər, epizodik faktlarla bağlı nəyi isə dəyişməyimiz məsələnin düzəlməsi mənasına gəlmir. Mən çox istəyərdim ki, Milli Məclisdə bu sahənin mütəxəssisi fikirlərini desin. Mən mütəxəssis deyiləm, amma müşahidə etdiyimi deyirəm. Bu cür faciələrin qarşısını almaq üçün, həqiqətən də, ciddi işlər görülməsi, müvafiq orqanların da bunu diqqətə alması vacibdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən münasibət bildirmək istəyirəm. Fazil bəy, nəzərinizə çatdırmaq istəyirəm ki, ölkədə səhiyyə sahəsindəki islahatlar təkcə Sizin dediyiniz kimi, təmirdən döşəməni silməkdən ibarət deyil. Bunlardan söhbət getmir. Söhbət səhiyyə sahəsində fundamental dəyişikliklərdən gedir. Bu qədər diaqnostik mərkəzlər, xəstəxanalar tikilir. Bunlar hamısı əhali üçündür. Əlbəttə, kadr məsələsindəki problem artıq öz həllini tapmağa başlayır. Mən indi Rövnəq müəllimlə danışdım. Bilirsiniz ki, diaqnostik mərkəzlər Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilir. Türkiyə ilə xeyli miqdarda müqavilə bağlanıb, oradan həkimlər gəlib həmin diaqnostik mərkəzlərdə də işləyirlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə xaricə göndərilən tələbələrin əksəriyyəti səhiyyə, iqtisadiyyat və bank sistemi üzrə təhsil alırlar. Yəni həmin mütəxəssislər artıq 4–5 ilə qayıdıb gələcəklər. Amma qayıdıb gələndə onların işləmələri üçün normal şərait olmalıdır. Xəstəxana yoxdursa, mütəxəssis hansı normal şəraitdə işləməlidir? Mən başa düşürəm, əlbəttə, hər hansı bir uşağın ölümü faciədir. Söz yox, bu böyük bir faciədir, amma görülən işləri də danmaq olmaz. Azərbaycan müstəqilliyini 1991-ci ildə əldə edibdir. Birdən-birə bütün sahələrdə Avropa standartlarına çatmaq istəyirik. Əlbəttə, 18–20 il ərzində bunu etmək çox çətindir. İstər dövlət səviyyəsində, istərsə də Heydər Əliyev Fondunun xətti ilə bütün vasitələr, resurslar işə salınıb ki, bu sahədə ciddi dönüş əldə edə bilək. Şükürlər olsun Allaha, bu sahədə də işlər xeyli irəliləyibdir. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Ziyafət müəllim, təşəkkür edirəm. Mən çox vaxt almayacağam. Çünki məndən əvvəl çıxış edən natiqlər fikirlərini söylədilər və mənim deyəcəyim bəzi məqamları da qeyd etdilər. Mən hesab edirəm ki, bu qanun layihəsi ilə nəzərdə tutulan dəyişikliklər və əlavələr uşaqlar, dünyaya gələcək nəsillər üçün tədbirlər sisteminə daxildir. Uşaqlar cəmiyyətimizin gələcəyidir. Ona görə də belə bir qanun layihəsinin qəbul olunmasına tərəfdaram.
Şübhəsiz, hörmətli Musa müəllim bu barədə geniş məlumat verdi. Belə bir qanunun, dəyişiklik və əlavələrin qəbul edilməsi olduqca zəruridir. Bu dəyişikliklər və əlavələr doğulan uşaqların qeydiyyatdan kənarda qalmamasına, uşaq ölümünün statistikasının aparılmasına istiqamətləndirilmişdir. Aydın məsələdir ki, qeydiyyata alınmayan  uşaqlar məktəb yaşına çatanda, hərbi xidmətə gedəndə müəyyən problemlər, neqativ hallar baş verir.
Hörmətli Ziyafət müəllim, Rusiyada, başqa ölkələrdə yaşayan azərbaycanlıların uşaqlarının qeydiyyata alınmasında çox böyük problemlər vardır. Mən ümidvaram ki, qəbul edəcəyimiz dəyişikliklər və əlavələr bu kimi problemlərin aradan qaldırılmasına kömək edəcəkdir.  Mən çıxışımın yekununda demək istəyirdim ki, əgər hörmətli Baba müəllim bağışlasa, bu qanun layihəsini səsə qoymaq daha yaxşı olar. Baba müəllimlə biz burada razılaşmışıq və bizə Əli müəllim də bu barədə öz fikirlərini deyibdir.
Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Baba müəllimə söz verməsəm, o məni bağışlasa da, deputatlar bağışlamazlar. Ona görə Baba müəllim, buyurun.
B.Tağıyev.  Hörmətli millət vəkilləri! Mən müzakirə olunan qanun layihəsinə, təbii, müsbət münasibətimi bildirəcəyəm. Buraya bir əlavə etmək istərdim. 166-cı maddənin 2-ci bəndinə “valideynlərin qardaş və bacıları, yəni əmi, dayı, xala və bibi və qardaş və bacıların uşaqları, qardaş və bacıoğlu, qardaş və bacıqızı” sözləri əlavə olunsun. Bu, fikrimcə, ölkəmizdə milli-mənəvi dəyərlərin inkişafına xidmət edəcək. Ümumiyyətlə, bu gün müzakirə olunan qanun layihələrinin, inanıram ki, böyük əksəriyyəti Azərbaycanda milli, demokratik, İslami dəyərlərin inkişafına xidmət edəcəkdir.
Mən arzu edərdim ki, deyilən sözlərlə əməllər üst-üstə düşsün. Bu, parlamentdə bir neçə dəfə təklif olunmuşdur. Mən həmin təklifi indi bir də təkrar etmək istərdim. Çağdaş dünya, eləcə də MDB ölkələrinin parlamentində “inteqrasiya komissiyası” deyilən daimi komissiya yaradılmışdır. Mən təklif edirəm ki, gec də olsa, bu il və yaxud da növbəti parlamentimizdə belə bir daimi komissiya yaradılsın. Belə bir daimi komissiyada əsas olaraq türkdilli dövlətlərlə, İslam dövlətləri ilə, eləcə də Türkiyə ilə inteqrasiyanın inkişafına yük qoyulsun.
Faktlar göstərdi ki, Qarabağ məsələsinin həllində Azərbaycan xalqının, Azərbaycan dövlətinin arxasında Türkiyədən, eləcə də türkdilli dövlətlərdən başqa digər dövlətlər dayanmadılar. Bizə daima dəstək olan dövlət Türkiyədir. Mən belə bir komissiyanın yaradılmasını və komissiyada Türkiyə dövlətinə, eləcə də türkdilli dövlətlərə inteqrasiyanın inkişafına önəm verilməsini təklif edirəm. Türkiyə ilə elmi-iqtisadi, həm də hərbi-strateji müdafiə məsələləri üzrə inteqrasiyaya əhəmiyyət verilməlidir. Qarabağ torpaqlarının işğaldan azad olunmasının yolu budur.
Mən diqqətinizə görə hamınıza minnətdarlıq edirəm. Sağ olun, var olun. Bəzi həmkarlarımızın isə istər gülüşünə... Bəzən gülüş insanlara öz içlərindən gələn hissləri gizlətmək üçün lazım olur. Kim nə məqsədlə, necə gülürsə, özü bilər. Amma mən öz təklifimi dedim. Mən azad düşüncəmlə, saf niyyətimlə belə bir təklifin həyata keçməsini arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Baba müəllim. Baba müəllim təklif edir ki, 166.2-ci maddədə qohumlar sırasında qardaş, bacı, əmi və sair də göstərilsin. Əlbəttə, bu təklif yerində olan təklifdir. Amma, Baba müəllim, yadınıza salmaq istəyirəm ki, buradakı “qohumlar” sözü həm də qardaşı, bacını, dayını, əmini ehtiva edir. Bizim həm Konstitusiyamızda, həm də Mülki Məcəlləmizdə bu məsələ var. Yəni orada “qohumlar” sözü yazılıbsa, qardaş, bacı, əmi, dayı – hamısı nəzərdə tutulur. Ona görə də burada xüsusi açıqlamaya ehtiyac yoxdur. Buyurun, əgər etiraz yoxdursa, hesab edirəm, layihəni səsə qoymaq olar. Rica edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə  103
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”na əlavələr edilməsi barədədir. Əli Hüseynov, Siz məlumat verəcəksiniz. Buyurun, zəhmət olmasa. 
Ə.Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Ziyafət müəllim, Siz də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü kimi bilirsiniz ki, vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar təqdim olunmalıdır. Bizim qanunda hansı vəzifəli şəxslərin bu məlumatları hansı orqana təqdim etmələri göstərilib. Bu qanunun 3-cü maddəsində sadalanan şəxslər həmin məlumatları Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim etməlidirlər. Bir sıra şəxslər isə bu məlumatları artıq digər bir orqana, misal üçün, Milli Məclisə təqdim etməlidirlər və sair.
Burada dövlət hakimiyyəti orqanlarında, dövlət qulluğunda olan şəxslərdən bəhs edilir. Bir neçə qurumun, daha dəqiq desəm, Hesablama Palatası Aparatının, Nazirlər Kabineti Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının və İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatı rəhbərlərinin maliyyə xarakterli məlumatları Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim etmələri bu qanuna əlavə olunur.
Sadəcə, məlumat üçün də deyə bilərəm ki, bu qanunun  qüvvəyə minməsi ilə bağlı cənab Prezidentin fərmanı var. Nazirlər Kabinetinə tapşırılıb ki, maliyyə xarakterli məlumatların təqdim olunması qaydalarını işləyib cənab Prezidentə təqdim etsin. Hal-hazırda bu istiqamətdə iş gedir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Müzakirəyə başlayırıq. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, maliyyə xarakterli məlumatların təqdim olunması mahiyyət etibarilə şəffaf cəmiyyətin yaradılmasına xidmət edəcək. Amma mən qanun layihəsinin təqdim olunan şəkildə qəbul edilməsinə tərəfdar deyiləm. Əvvəla, hesab edirəm ki, maliyyə xarakterli məlumatları Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim etmək hüquqi norma deyil. Burada hüquq yoxdur. Niyə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, ictimai əsaslarla fəaliyyət göstərən bir komissiya vəzifəli şəxsdən maliyyə xarakterli məlumat almalıdır? Bu, Azərbaycanın heç bir qanununa sığmır, qanunda belə bir şey yoxdur. Siz unutmayın ki, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya ictimai əsaslarla fəaliyyət göstərən komissiyadır. Onun heç bir hüquqi əsası yoxdur. Hüquqi əsası olmayan bir qurum hüquqa söykənən adamların gəlirləri haqqında məlumat əldə edir və onu təftiş edir? Niyə? Bu, sadəcə olaraq, hesab edirəm ki, hüquqa uyğun, doğru, dürüst olmalıdır.
Gəlir deklarasiyası qəbul olunmalıdır. Gəlir deklarasiyası qəbul olunandan sonra vəzifəli şəxslərin hamısı gəlir deklarasiyasını təqdim etməlidir.  Cəmiyyətdə də bilinməlidir ki, kimin nə qədər gəliri var? İndi mən sizə sual verirəm: ictimai əsaslarla fəaliyyət göstərən bir komissiya müxtəlif orqanlarda – Milli Məclisdə, icra strukturunda, prokurorluq orqanlarında və sair çalışan vəzifəli şəxslərə, bütövlükdə cəmiyyətin bu strukturlarının hamısına hansı əsaslarla və Konstitusiyanın hansı bəndinə uyğun nəzarət edir və fəaliyyət göstərir? Necə nəzarət edə bilər? Həmin komissiya prokurorluğa təqdimat göndərir? Bu, ictimai statuslu komissiyadır.
Həmin komissiyaya yanlış bir məlumat verildikdə, bunu Respublika Prokurorluğuna göndərir? Bu cür məsələlər hüquqi yolla həll edilir. Əgər siz də Azərbaycanda şəffaf bir cəmiyyət yaratmaq istəyirsinizsə, gəlir deklarasiyası qəbul etmək lazımdır. Hər bir vəzifəli şəxs seçildiyi müddətdə, fəaliyyət dönəmində Vergilər Nazirliyinə gəlir deklarasiyası və vergisini də təqdim etsin. Əgər başqa bir hal nəzərdə tutulmayıbsa, həmin orqanlara nəzarət edən Respublika Prokurorluğuna müraciət etsin. Bunun birinci, hüquqi tərəfi budur.
İkinci, mən burada çox qəribə bir məsələyə rast gəlirəm. Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin Sədri, onun müavinləri, Baş nazir və onun müavinləri maliyyə xarakterli məlumatlar təqdim edirlər. Amma komitə sədrləri, nazirlər təqdim etmirlər. Niyə?
Yerdən. (Eşidilmir.)
İ. Ağazadə.  Harada var? Oxuyun, mən də eşidim. Ay əzizim, əgər “Baş nazir və onun müavinləri” yazılırsa, mərkəzi icra hakimiyyəti orqanları deyəndə məhz onların nəzərdə tutulduğu harada təsbit olunub?
Yerdən. (Eşidilmir.)
İ. Ağazadə. Necə? Yox, başa düşürəm, mərkəzi icra hakimiyyəti orqanı orqan kimi harada nəzərdə tutulub? Hansı qanunun hansı maddəsində mərkəzi icra hakimiyyəti orqan-ının bölgüsündə nazirlər və komitə sədrləri gedir? Konstitusi-yada, ya da bir başqa qanunda mənə göstərin ki, “mərkəzi icra hakimiyyəti orqanları” deyəndə bunlar nəzərdə tutulur. Əgər mərkəzi icra hakimiyyəti orqanı deyilirsə, bütövlükdə Prezident də mərkəzi icra hakimiyyətinin başçısı kimi nəzərdə tutulur. Əgər həmin bölgüyə uyğun olursa, Baş nazir də, onun müavinləri də mərkəzi icra hakimiyyəti orqanıdır. Niyə mərkəzi icra hakimiyyəti orqanlarının içərisindən Prezident, Baş nazir, onun müavinləri ayrılır, digərləri mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri kimi qalırlar?
Ona görə də hesab edirəm ki, burada ya “mərkəzi icra hakimiyyəti orqanı” sözlərindən sonra mötərizədə “Prezident, Baş nazir, onun müavinləri, nazirlər, komitə sədrləri və sair və dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərləri” və sair qeyd edilsin və yaxud da açıq şəkildə “Azərbaycan Respublikasının Prezidenti, Baş na-ziri və onun müavinləri, nazirlər, komitə sədrləri” sözləri yazılmalıdır. Mən hesab edirəm ki, məsələnin hüquqi tərəfinə uyğun olaraq bu mətnin qəbul edilməsi Azərbaycanda heç nəyi dəyişməyəcək. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Düzü, bu məsələ ilə bağlı bu qədər emosional tonu, sadəcə, başa düşə bilmirəm. Məncə, bu məsələləri biz işçi qrupunda araşdıra bilərdik. Cənab Prezidentin “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı fərmanı olub. Biz bu qaydaları parlamentdə müzakirə etmişik. Həmin qaydalar qanunla təsdiq olunub və bu qanunun qüvvəyə minməsi ilə bağlı Prezident fərmanı var. Cənab Prezidentin fərmanında mərkəzi icra hakimiyyəti orqanlarının hamısı sadalanıb. Eyni zamanda, həmin fərmanda Nazirlər Kabinetinə maliyyə xarakterli məlumatların hazırlanması ilə də bağlı tapşırıq verilib. Başqa sözlə desək, bunu “gəlirlər haqqında deklarasiya” da adlandırmaq olar, amma qanuni dildə bu “maliyyə xarakterli məlumatlar” deməkdir. Mən sizi məlumatlandırdım, hazırda bu sahədə iş gedir.
Mən həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası ictimai təşkilat deyil. İctimai təşkilat olsa, hakimiyyətin üç qolunun – parlamentin, məhkəmə hakimiyyətinin və icra hakimiyyətinin, Prezidentin nümayəndələrindən ibarət komissiya kimi fəaliyyət göstərməzdi. Ko-missiya ictimaiyyətlə çalışır. Yəni bizim komissiyanın yanında qeyri-hökumət təşkilatları ilə iş üzrə qrup var, amma bu, ictimai orqan deyil. Azərbaycan Respublikasının Korrup-siyaya qarşı mübarizə üzrə Komissiyasıdır. Qanunun 3-cü maddəsində kimlərin komissiyaya maliyyə xarakterli məlumatlar təqdim etməli olduqları müəyyənləşdirilir. Bunun isə hələlik heç forması yoxdur. Məncə, burada mübahisəli heç nə yoxdur. Bu qədər də emosiyaya ehtiyac yox idi. Həmkarlarımdan bu layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Sağ olun. İqbal müəllim, Siz artıq fikrinizi dediniz, Əli müəllim də izahat verdi. Mənə elə gəlir, mübahisəyə yer yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə  97
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  99
Nəticə: qəbul edildi

Sağ olun. Qəbul edildi.
Növbəti məsələ “ Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop  maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqındadır.  Əli Hüseynov, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Bu layihə millət vəkillərinə təqdim olunub. Mən qısaca onu demək istəyirəm ki, təklif olunan dəyişikliklər texniki xarakterlidir və sözlərin daha düzgün mənasını ifadə edir. Buna görə onun üzərində geniş dayanmaq istəmirəm. Mahiyyət baxımından yeni heç nə yoxdur. Siyahıya hər hansı yeni psixotrop, narko-tik maddə əlavə olunmur. Sadəcə, mövcud variant dəqiqləşdirilir. Əgər belə demək mümkünsə, tibbi baxımdan daha dəqiq yazılır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Çıxış etmək istəyən deputatlar var? Əhəd Abıyev.
Ə.Abıyev.  Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də Əli müəllimin dedikləri ilə razıyam, texniki məsələdir. Amma çox mühüm bir fikri sizlərin də nəzərinə çatdırmaq istəyirəm. Narkotik vasitələrin, psixotrop maddələrin daşınması ilə bağlı məsələni dəfələrlə mətbuatda və hələ 1996-cı ildə də Milli Məclisdə qaldırmışdım. Azərbaycanın işğal olunmuş ərazilərində, Qarabağda ermənilərin nəzarəti altında narkotik bitkilərin plantasiyası əkilib becərilir və 3–4 marşrutla, yəni transmilli iri yük maşınlarının vasitəsilə daşınır. Xüsusi lisenziya almış bəzi kriminal şəbəkələr Qarabağ ərazisində bunun istehsalı, tədarükü, satışı, emalı ilə məşğul olurlar. Orada xüsusi laboratoriya yaradıblar və buradan gələn gəlirdən də Qarabağ ərazisində terror təşkilatlarının yaradılmasında, o cümlədən silahlı dəstələrin hazırlanmasında istifadə edirlər. Orada təxribat yönümlü xüsusi muzdlu dəstələr fəaliyyət göstərir. Aydındır ki, buna qarşı beynəlxalq səviyyədə mübarizə aparılır. Bu gün ölkə daxilində Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının həmin kriminal marşruta qarşı barışmaz mübarizə apardığı hamıya məlumdur.
Mən nəzərinizə çatdırmaq istəyirəm ki, bu gün Qarabağda istehsal olunub Avropa dövlətlərinə daşınan narkotik vasitələrdən gəlir əldə olunmasının bilavasitə başında duran da ermənilərdir. Qarabağda əldə olunan gəlir hesabına da ermənilərin beynəlxalq təşkilatlarda, xüsusilə də Amerikada dəstəkləri var. Mən çox xahiş edərdim ki, bununla bağlı beynəlxalq aidiyyəti qurumlar narkotikin kütləvi şəkildə istehsalının qarşısının alınmasında və bunlarla beynəlxalq səviyyədə mübarizə aparılmasında bizə dəstək olsunlar. Silahlı kriminal şəbəkənin, o cümlədən terror dəstələrinin hazırlanmasında iştirak edənlər barəsində tədbir görülməlidir. Qarabağla bağlı ayrı-ayrılıqda, istər Rusiyanın, istərsə də Türkiyənin bizə köməklik göstərdiyi hamıya bəllidir və bunu hiss edirik.
Vacib məsələlərdən biri də narkotiklərin Əfqanıstandan, İrandan transmilli marşrutla birbaşa Azərbaycanın işğal ol-unmuş ərazisi Qarabağ bölgəsindən aparılmasıdır. Heç bir maneə, təzyiq olmadan bunun üçün xüsusi şəraitin yaradıl-ması şübhə doğurur. Müxalifət qəzetlərində də bəzi şərəfsiz, əqidəsiz adamlar əsas mahiyyəti başa düşmədən, ölkə daxilində də qarşıdurma yaratmaq, yəni sabitliyi pozmaq istəyirlər. Əziz dostlar, çox dəyərli millət vəkilləri, dediyim bu məsələ çox ciddi məsələdir. Bu gün hamılıqla, beynəlxalq təşkilatlar, o cümlədən də biz, millət vəkilləri narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bir nəfər kimi mübarizə apar-malıyıq. Gündəlikdə olan qanun layihəsi ilə bağlı bunları söyləmək istəyirdim. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əhəd müəllim. Nizami Cəfərov.
N.Cəfərov.  Ziyafət müəllim, mən bircə cümlə deyəcəyəm.  Bu, ifadə tərzi ilə bağlıdır. Qanunun adında yazılır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin...”. “Kifayət edən” sözləri müsbət məna verir. Biz burada daha yaxşı olar ki, həmin sözləri dəyişək. Bir çox qanunlarda belə işlənir: “cinayət məsuliyyətinə cəlb eləmək üçün kifayətdir”. Artıq bu müsbət texnologiyalara gələn məsələdir. Bunun əvəzinə yaxşı olar ki, “əsas verən” sözlərini yazaq. Bax belə daha dəqiq olar. Valeh müəllim də birinci dəfədir mənim sözümü təsdiq  etdi. Sağ olun.
Sədrlik edən. Nizami müəllim, çox sağ olun. Sizin dediklərinizi qəbul edirəm. Amma iş burasındadır ki, bu qanun layihəsi cənab Prezidentdən gəldiyinə görə qanunun adını biz bu gün dəyişə bilmərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəli, mən Sizinlə razılaşıram. Buyurun, xa-hiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında palatanın sədri Heydər Əsədov məlumat verir. Heydər müəllim, buyurun.
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Çıxışıma ba-şlamazdan əvvəl, icazə verin, daha bir il fəaliyyət göstərərək qarşınızda hesabat verməyə yaratdığı imkana görə, eləcə də Hesablama Palatasının hüquqi, maddi-texniki bazasının möhkəmləndirilməsində, əsasən də, şəhərin mərkəzində yeni bina ilə təmin olunmağımızda göstərdiyi qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə kollektiv adından, öz adım-dan səmimi minnətdarlığımı və ali ehtiramımı ifadə edim. Eləcə də hörmətli sədarət, Sizə və ayrı-ayrılıqda hər bir millət vəkilinə palatanın fəaliyyətinin genişləndirilməsində verdikləri dəstəyə görə təşəkkürümü bildirmək istərdim.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hər birinizə məlum olduğu kimi, 2009-cu il dünya müstəvisində qlobal maliyyə böhranı ili kimi xarakterizə olunur. Eyni zamanda, bu da hər birinizə məlumdur ki, ölkə Prezidentinin apardığı müdrik siyasət nəticəsində keçən il hesabat ilində də ölkəmizdə iqtisadiyyatın dayanıqlığı nəinki qorunub saxlanmış, hətta onun əksər sahələrində müsbət dinamika müşahidə olunmuşdur. Mən bu müsbət  dinamikanı özümün şəxsi məlumatım kimi deyil, bir çox rəsmi sənədlərin, eləcə də beynəlxalq maliyyə qurumlarının rəsmi hesabatlarının məlumatları kimi təqdim edirəm.
Bütün bunlara baxmayaraq, böhranın fəsadı olaraq, Azərbaycanda da keçən il büdcənin icrasında müəyyən kəsirlər müşahidə olunmuşdur. Amma Hesablama Palatasının apardığı müşahidələr göstərir ki, bütün iri miqyaslı investisiya və sosial yönümlü layihələrin heç biri təxirə salınmamış, əmək haqqı, sosial ödəniş və yaxud digər müdafiə olunan xərclər üzrə heç bir gecikdirmə və  ya borc yaradılmalarına, habelə büdcənin əlavə öhdəliklərlə yüklənməsi hadisəsinə yol verilməmişdir. Təbii ki, bütün bunlar ölkəmizdə aparılan büdcə siyasətinin şəffaflığından, maliyyə intizamının həyata keçirilməsindən irəli gəlmişdir. Hesablama Palatasının fəaliyyətinin əsas qayəsi məhz ölkədə büdcə proseslərinin təkmilləşdirilməsində yol verilmiş çatışmazlıqların aradan qaldırılması üçün konkret təkliflər verməkdən ibarət olmuş-dur.
Hörmətli millət vəkilləri, bu məqsədlə palata tərəfindən keçən il 31 audit yoxlaması, 10 ekspert-analitik təhlil həyata keçirilmişdir. Yadınızdadırsa, 2007-ci ildə 3 audit yoxlaması və 20 ekspert-analitik təhlil aparılmışdı. Bu təhlillərin və audit yoxlamalarının sayının artırılması ilə  yanaşı, onların miqyası genişləndirilmiş, yoxlama mexanizmləri təkmilləşmişdir. Belə ki, əvvəlki illərdə biz yalnız dövlət proqramlarının yerinə yetirilməsinə icra nəzarətini həyata keçirirdiksə, hazırda həmin prioritetlə yanaşı, artıq sosial ödənişlərin, iri investisiya layihələrinin, dövlət təşkilatlarının auditini həyata keçiririk. Növbəti illərdə bu miqyası daha da genişləndirərək, qeydiyyatlar hesabına həyata keçirilən layihələrin, eyni zamanda, dövlətin və Nazirlər Kabinetinin ehtiyat fondlarından ayırmaların auditini keçirməyi planlaşdırırıq. Təbii ki, bu auditlər nəticəsində müəyyən neqativ hallara yol verildiyinə, büdcə vəsaitinin bəzi hallarda səmərəsiz xərcləndiyinə və digər prosedurların pozulması hallarına rast gəlinmişdir.
Hörmətli millət vəkilləri, palatanın sizə paylanmış hesabatında həyata keçirilmiş hər bir audit tədbiri, eləcə də ekspert-analitik təhlilin nəticələri haqqında qısa məlumat vermişik. Eyni zamanda, Palatanın aşkar etdiyi nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər, habelə palatanın ümdə vəzifəsi kimi həmin vəsaitlərin bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında müfəssəl məlumat vermişik. Buna baxmayaraq, mən bir neçə obyektdə keçirilmiş audit tədbirləri haqqında sizə məlumat vermək istərdim. Yeri gəlmişkən, həmin təşkilatlarda auditin keçirilməsi məsələsini hörmətli millət vəkilləri burada bir neçə dəfə qaldırıblar. Misal üçün, Yardımlı, Masallı, Cəlilabad və Lerik rayonlarında ilkin və təkrar əlilliyin təyin edilməsi üzrə aparılmış audit tədbirləri nəticəsində ciddi cinayət əməlləri aşkar edilmişdir. Belə ki, saxta möhürlər, arayışlar əsasında əlilliyin təyin edilməsi uçotunun aparılması faktları müəyyən edilmiş, pul-ödəmə münasibətlərini əks etdirən sənədlərdə saxtakarlığa yol verilmiş, habelə tibb komissiyalarının məlumatları ilə komissiyaların məlumatı arasında böyük fərqlər üzə çıxmış, hətta sağalmaz xəstələrin belə bəzən sağalaraq reabilitasiya olunduğu  barədə məlumatlar aşkar edilmişdir. Həmin dörd rayonda xeyli miqdarda maddi zərər vurulduğu nəzərə alınaraq, materiallar araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərilmişdir. Aldığımız məlumata görə hər bir dörd iş üzrə artıq cinayət işi başlanıb və hazırda tədbirlər görülür. Ona görə də mən həmin tədbirlər haqqında geniş məlumat vermirəm.
Burada önəmli cəhəti qeyd etmək istərdim. Söhbət təkcə vəsaitin təyinatının dəyişdirilməsindən, yaxud kiminsə saxta möhürdən istifadə etməsindən getmir. Ümumiyyətlə, bütövlükdə qanunvericilik sisteminin dəyişdirilməsi, əlilliyin verilməsi, reabilitasiya prosedurlarının təkmilləşdirilməsi, əlillik qrupları arasında sərhəddin müəyyən edilməsi, məlumat bazasının yaradılması vacibdir. Bu barədə Baş nazirə konkret təkliflərlə müraciət olunmuşdur.
İkincisi, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlara yol verildiyi aşkar edilmişdir. Belə ki, ehtimal olunan qiymətlər hesablanmadan, layihə-smeta sənədləri olmadan tender qaliblərinin müəyyən edilməsi, aşağı reytinqli ofşor zonalarda qeydiyyatda olan və rəqabət qabiliyyəti naməlum olan firmalarla iş görülməsi, təbii itkilərin normativdən artıq hesablanması, mövcud olmayan abonentlərin siyahıya daxil edilməsi, süni debitor borcların yaradılması, “Dövlət satınalmaları haqqında” Qanunun bir sıra maddələrinin kobud surətdə pozulması, təkrar borc sazişləri üzrə öhdəliklərin yerinə yetirilməməsi, eləcə də büdcə öhdəliklərinin yerinə yetirilməməsi sahəsində bir sıra nöqsanlar müəyyən edilmişdir. Bilirsiniz ki, yoxlamalar yekunlaşan ərəfədə cənab Prezidentin sərəncamı ilə “Azəriqaz” Səhmdar Cəmiyyəti Dövlət Neft Şirkətinin tabeliyinə verilmişdir. Ona görə də biz tədbirlərin görülməsini  Dövlət Neft Şirkəti ilə birlikdə həyata keçirmişik. Məlumat üçün bildirirəm ki, yalnız həmin cəmiyyətdə həyata keçirdiyimiz tədbirlər nəticəsində 18 milyon manat əlavə dəyər vergisi,  11,4 milyon manat mənfəət vergisi, 6,3 milyon manat təkrar borc sazişləri üzrə öhdəliklər dövlət büdcəsinə qaytarılmışdır. Bunlar yalnız bir audit yoxlaması nəticəsində üzə çıxmışdır.
Eyni zamanda, sistemdə çatışmayan abonentlərin uçotu, məlumat bazası, kodlaşdırma sisteminin yaradılması, uçotun qurulması ilə bağlı Rövnəq müəllimlə, “Azəriqaz” Səhmdar Cəmiyyətinin yeni rəhbəri ilə dəfələrlə söhbətimiz olmuşdur. Bu sahədə işin təkmilləşdirilməsi üçün  tədbirlər davam et-dirilir.
Mən bunları niyə sayıram? Bəzən mən çox qısa danışıram. Ümumiyyətlə, hesab edirəm ki, fəaliyyətimiz haqqında biz az məlumat veririk. Amma gördüyümüz işlərin miqyası böyükdür və bəzən çatdıra bilmirik. Ona görə də üzr istəyirəm, bəzi məqamları buradan çatdırmaq fikrindəyəm. Yəni, ola bilsin ki, bir az vaxtınızı alım. Amma bu məqamları mən çatdırmaq fikrindəyəm. Təkcə “Azəriqaz” Səhmdar Cəmiyyətində görülən tədbirlər nəticəsində onlarla adam Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilmiş, bəziləri cəzalandırılmışdır. Böyük məbləğdə vəsait dövlət büdcəsinə ödənilmişdir.
Digər yerlərdə keçirilən 31 auditin nəticələri haqqında geniş məlumat vermək imkanına malik deyiləm. Amma bildirmək istəyirəm ki, Hesablama Palatasının bu sahədə pri-oritet işi təkcə nöqsanların aşkar edilməsi yox, həm də onların aradan qaldırılması, ən önəmli isə bərpasıdır. Hesabatın so-nunda bu məlumatlar var, indi mən də  deyəcəyəm. Bu məqsədlə biz dövlət büdcəsinə xeyli miqdarda vəsaitin ödənilməsinə və geri qaytarılmasına nail olmuşuq.
Digər yerlərdə olan nöqsanların xarakteri nədən ibarətdir? Apardığımız auditlər göstərir ki, əsasən, “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə riayət olunmur, lazımi təşkilatlar seçilmir. Bəzən vaxt məhdudiyyəti adı altında tenderin keçirilməməsi barədə icazə alsalar da, işin icrasına aylarla gec başlanılır, yaxud avans məbləğləri götürüldükdən sonra podratçı təşkilatlar tərəfindən süni kredit resursu yaradılır. Apardığımız audit tədbirləri nəticəsində aşkar olunub ki, işin icrasını yubatdığına görə heç bir podratçı təşkilatı cərimə edilməmişdir. Təbii ki, biz bunları aşkar etdikdən sonra cərimə sanksiyaları tətbiq olunub.
Digər nöqsanlar “Büdcə sistemi haqqında” Qanunun tələblərinin pozulması ilə bağlıdır. Burada vəsaitin təyinatının dəyişdirilməsinə, qiymətlərin şişirdilməsinə rast gəlinir. Doğrudur, tender olduğu üçün bunu  sübut  etmək çətin olur. Əsasən, büdcədən yayınma hallarına səy göstərilir. Bu nö-qsanlar audit aktlarında əks olunub və hörmətli millət vəkillərinə təqdim edilmişdir.
Bundan başqa, təhsil müəssisələrində kontingent sayının artırılması, tarif siyahılarının düzgün aparılmaması, xəstəxanalarda çarpayı saylarının düzgün müəyyən edilməməsi hallarına rast gəlinir. Onların hər biri haqqında konkret tədbirlər görülmüşdür. Onu da qeyd etmək istəyirəm ki, Hesablama Palatası auditi həyata keçirməklə bərabər, eyni zamanda, vergi daxilolmaları üzrə də audit tədbirlərini yerinə yetirmişdir. Biz 12 saylı Ərazi Vergi İdarəsində yoxlamalar aparmışıq. Burada da müəyyən nöqsanlar müəyyən edilib. Vergilər normal hesablanmamış, yaranmış borcların ödənilməsi üçün tədbirlər görülməmiş, səyyar yoxlamalar aparılmamış, zərərlə işləyən müəssisələrdə zərərin məbləği düzgün müəyyən edilməmişdir. Vergilər Nazirliyi ilə də bizim təmasımız güclüdür. Onlar bizim təqdimata çox ciddi yanaşıblar. Altı vergi ödəyicisi haqqında məhkəmədə cinayət işi başlayıb. Həmin təşkilatlarda da müəyyən edilmiş vəsaitlərin büdcəyə ödənilməsi istiqamətində işlər görülür.
Ümumilikdə yekun olaraq qeyd etmək istərdim ki, keçirilmiş audit tədbirləri nəticəsində hesabat ilində 81 min dollar və 463 min manat nağd pul vəsaiti günahkarlardan nağd qaydada alınaraq, müəssisənin kassasına və ya təyinatından asılı olaraq dövlətin büdcəsinə mədaxil edilmiş-dir. Eyni zamanda, qeyd etdiyim 18 milyon manat əlavə dəyər vergisindən başqa, digər yerlərdə apardığımız tədbirlər nəticəsində 535 min manat əlavə dəyər vergisi hesablanaraq geri alınmışdır. Eyni zamanda, 11,1 milyon manat mənfəət vergisindən başqa, qeyd etdiyim kimi, 6,3 milyon manat vəsaitin təkrar sazişlər üzrə büdcəyə ödənilməsi təmin edilmişdir.
Bundan başqa, tikinti-təmir işlərinin keyfiyyətsiz yerinə yetirilməsi,  yaxud yerinə yetirilməməsi müəyyən edilmiş, 693 min manat vəsait podratçı təşkilatlardan alınaraq dövlət büdcəsinə ödənilmişdir. Bu faktlar videoya alınmış, şəkilləri çəkilmişdir. Hesabatda şəkillər yoxdur, amma digər ölkələrdə bu tətbiq edilir.
Yoxlamalarda müəssisə və təşkilatlara təhvil verilməmiş 165 min manat dəyərində inventar avadanlıqların təhvil verilməsi, 450 mindən artıq dərman preparatlarının paylanması təmin edilmişdir. 17 milyon manata yaxın debitor borcları yenidən müəyyən edilərək uçota alınmışdır. Hətta bəzi yerlərdə inşaat işlərinin tam başa çatmasına, binanın tam hazır olmasına baxmayaraq, onun balansa götürülməsi həyata keçirilməmişdir. Apardığımız  kompleks tədbirlərdə belə uçota alınmamış 28 milyon manata yaxın vəsaitin balansa götürülməsi üçün təqdimat verilmişdir. Təkcə iki yerli zonada həyata keçirdiyimiz tədbirlər zamanı 113 ştat, 111 qrup və dərnək ləğv edilmişdir. Bununla da xeyli miqdarda dövlət vəsaitinin xərclənməsinin qarşısı alınmışdır.
Amma mən bir məsələni xüsusi qeyd etmək istərdim. Yol verilmiş nöqsanların heç biri qlobal xarakterli olmamışdır. Bunların əksəriyyəti sistemdaxili problemlər olub, yerli xarakterə malikdir. Yəni bunların mərkəzləşmiş qaydada həyata keçirilməsi aşkar olunmamışdır. Bəzi qanunvericilik aktlarında boşluqların olması, müəssisə və idarələrdə hazır-lanmış təlimatlarla qanunvericilik aktları arasında ziddiyyətlərin mövcudluğu, maliyyə ixtisası olan kadrların zəifliyi, büdcə vəsaitlərindən istifadə zamanı risklərin idarəedilmə mexanizminin olmaması bu problemlərin yaran-masına səbəb olmuşdur.
Ona görə də biz qanun boşluqlarında olan ziddiyyətləri ümumiləşdirərək, Azərbaycan Respublikasının Baş nazirinə 25 səhifədən, 33 maddədən ibarət müraciət hazırlamışıq. Həmin müraciət Baş nazirin imzası ilə bütün səlahiyyətli qu-rumlara, o cümlədən Maliyyə, Ədliyyə, Vergilər və İqtisadi İnkişaf nazirliklərinə göndərilib və həmin təkliflərin həyata keçirilməsi istiqamətində onlara göstərişlər verilmişdir. Biz həmin məktubu hesabatın arxasına əlavə etmişik. Məqsədim hörmətli millət vəkillərindən də bu tədbirlərin həyata keçirilməsinə bir növ dəstək almaqdır. Təbii ki, digər təkliflərimiz satınalmalar və büdcə prosesləri ilə əlaqədardır. Həmin təkliflərin normativ aktlarda nəzərə alındığını əsas gətirərək söyləyə bilərəm ki, bu təkliflərin həyata keçirilməsində hökumətlə yanaşı, siz də yardımçı olmalısınız. Bu məsələlər haqqında çox danışmaq olar.
Palatanın beynəlxalq əlaqələri haqqında xeyli danışmaq imkanım var. Bütün beynəlxalq qurumlarla bizim əlaqələrimiz möhkəmlənib. Hesablama Palatasında bütün normativ sənədlər hazırlanıb, çap olunub və idarələrə paylanıb. Eyni zamanda, beynəlxalq audit təşkilatları haqqında iki cildlik  kitab hazırlamışıq. Həmin kitabı ingilis dilində dünyaya yaymaq fikrindəyik və bu sahədə iş gedir.
Korrupsiyaya qarşı mübarizə tədbirlərində də bizim iştirakımız danılmazdır. Həmin tədbirlərin siyahısı var. Eyni zamanda, kadr potensialının yüksəlməsi üçün İsveçrə korpo-rativ və dövlət hesabatlıq layihəsində biz iştirak edirik. İsveçrə hökuməti ilə bizim hökumət arasında saziş imzalanıb və artıq bizə kadr potensialının gücləndirilməsi üçün qrand ayrılmasına qərar vermişdir. Bu qrand çərçivəsində kadr po-tensialımızı gücləndirmək və yeni kadrlar cəlb etmək, habelə onları xarici təşkilatlarda treninqlərə göndərmək imkanı əldə edəcəyik. Eyni zamanda, biz artıq yeni binada müasir infor-masiya sistemi yaratmışıq. Maliyyə Nazirliyində xəzinədarlığın idarə edilməsinin avtomatlaşdırılmış sistemi başa çatan kimi, bizdəki sistem həmin sistemə qoşulacaq və xərclərin hərəkətini on-line sistemində izləməyə imkan verəcəkdir.
Xərclər smetamız 2,6 milyon manata qarşı 2,9 milyon ma-nat icra olunmuşdur. Hörmətli millət vəkilləri, mən çıxışımı yekunlaşdıraraq, hesabatla bağlı verəcəyiniz hər bir təklifi qəbul etməyə hazır olduğumuzu bildirirəm. Hesab edirəm ki, sizinlə birgə gördüyümüz bu işlər, ümumilikdə, ölkədə şəffaflığın artırılmasına, büdcə proseslərinin təkmilləşdirilməsinə, korrupsiyaya qarşı mübarizə sahəsində möhtərəm Prezidentin  apardığı siyasətə dəstək olacaqdır.
Sədrlik edən. Sağ olun, Heydər müəllim. Doğrudan da, Heydər müəllim çox gözəl hesabat verdi və çox ciddi məsələləri açıqladı. Ona görə hesab edirəm ki, müəyyən münasibət bildirilməlidir. Amma gəlin, belə bir məsələni müzakirə eləyək. Bəlkə çıxışlara 5 dəqiqə vaxt ayıraq? Danışmaq istəyən çoxdur. Özünüz xahiş elədiniz ki, fasiləsiz işləyək. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Hesablama Palatasının 2009-cu il hesabatını biz dinlədik. Ümumiyyətlə, mən Heydər Əsədovun rəhbərliyi altında Hesablama Palatasının işini yüksək qiymətləndirirəm. Çünki 2009-cu ildə aparılmış 31 audit, 10 ekspert – analitik tədbir bunu sübut edir. Halbuki 2007-ci ildə cəmi 3 audit yoxlaması aparılmışdı. Görünür, təzə binaya köçmələri də onlara düşüb. Bu münasibətlə də onları təbrik edirəm.
Burada ekspert-analitik tədbirlərlə əlaqədar danışmaq istəmirəm. Çünki büdcə sistemini, büdcəni müzakirə eləyəndə, əsasən, bu məsələlərə toxunmuşuq. Amma bəzi au-dit yoxlamaları ilə əlaqədar münasibətimi bildirmək istəyirəm. Vergilər idarəsində aparılmış yoxlama ilə əlaqədar çox ciddi qanun pozuntuları aşkar edilmiş, altı vergi ödəyicisi cinayət məsuliyyətinə cəlb edilmiş və nəticədə büdcə vəsaiti ödənilmişdir. Habelə vergi ödəyicilərinin bank hesablarının elektron sərəncamlarına verilməsi kimi mütərəqqi bir üsul tətbiq edilmişdir. Bu, müsbət haldır. Sumqayıt və digər icra hakimiyyəti orqanlarında aparılmış yoxlamalarda çox ciddi nöqsanlar üzə çıxarılmış, Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən gecikdirmə, yuxarı qiymətlərin təklifi, tenderin düzgün və vaxtında aparılmaması, həmçinin kobud səhvlərə yol verilmişdir.
Ukrayna və Polşa səfirliklərində aparılmış yoxlamalarda, faktiki olaraq, rabitə, kommunal xidmətləri, icarə və yanacaq xərcləri düzgün aparılmamışdır. Sədr də burada qeyd elədi, “Azəriqaz” QSC-də çox ciddi qanun pozuntularına yol verilmişdir. Faktiki olaraq, “Azəriqaz” QSC-nin aldığı mallar aşağı reytinqli firmalar tərəfindən həyata keçirilmiş, ciddi qanun pozuntularına yol verilmişdir.  Hətta iş o yerə çatmışdır ki, “Azəriqaz” əhali üzrə abonentlərin siyahısına həyatda olmayan abonentlərin adlarını daxil etmişdir. Sovet dövründə bunlara “ölü canlar” deyərdilər. Hətta bu yola da əl atmışdılar. “Azəriqaz” şirkəti, faktiki olaraq, əhalidən alınan vəsaitin hesabına  bir dənə də layihə həyata keçirməmişdir. Yalnız dövlət tərəfindən ayrılan vəsait hesabına layihələri həyata keçirmişdir. Ümumiyyətlə, bu barədə çox danışmaq olar.
Mən 2006-cı ildən bu yana Hesablama Palatasının verdiyi bütün hesabatlara baxmışam. Burada faktiki olaraq bütün qa-nunlar pozulur. Yəni yoxlama aparılan bütün təşkilatlar tərəfindən “Dövlət büdcəsi haqqında” Qanun və onun norma-tiv sənədləri, “Dövlət satınalmaları haqqında” Qanun və onun normativ sənədləri, “Tender haqqında” Qanun və onun nor-mativ sənədləri, “Vergi Məcəlləsi haqqında” Qanun , “Müha-sibat uçotu haqqında” Qanun və onun normativ sənədləri pozulur. Faktiki olaraq, hansı təşkilat yoxlanıbsa, orada bu qanunlara riayət olunmayıb. Yəni istər yerli icra hakimiyyəti orqanı olsun, istər mərkəzi icra hakimiyyəti orqanı olsun, istər şirkət olsun, istərsə də səfirlik olsun, faktiki olaraq, bu qanunları bir kənara qoyurlar və dövlət büdcəsindən ayrılan vəsaiti istədikləri kimi xərcləyirlər. Bu ilbəil təkrar olunur. Hər il Hesablama Palatasının yüksək ixtisaslı mütəxəssisləri bunu bir daha aşkar edirlər. Düzdür, müəyyən cərimələr, müəyyən sanksiyalar tətbiq olunur. Amma nə olsun?
“Azəriqaz” şirkətində külli miqdarda yeyinti aşkarlandı. Həmin faktlar Hesablama Palatasının hesabatında göstərilib. Nə oldu? “Azəriqaz” şirkətinə biz 27 milyon manat vəsait artırdıq, borcları bağladıq və sair. Şirkətin rəhbərini işdən azad etdik. Dedik, get, yığdıqlarını xərclə, kef elə. Bütün yoxlamalarda bu hadisələr təkrar olunur. Bu nə ilə əlaqədardır? Mən belə hesab edirəm ki, Maliyyə Nazirliyi, ümumiyyətlə, bu məsələlərə aydınlıq gətirməlidir. Rəhbər orqanlar, istər yerli icra hakimiyyəti orqanları, istərsə də mərkəzi icra hakimiyyəti orqanları olsun, maliyyə qanunlarını bilmirlər, maliyyə qanunlarından xəbərləri yoxdur. Maliyyə idarələrinə istədiyi göstərişi verir ki, bunu yerinə yetir. Ona görə də bu çox ciddi məsələdir. Əgər sovet vaxtında belə yoxlamalar keçirilsə idi, həmin insanların hamısı həbsxanada oturmuşdular. Ona görə də mən Hesablama Palatasının rəyini yüksək qiymətləndirirəm, orada gözəl mütəxəssislər işləyirlər. Maliyyə Nazirliyi ölkə rəhbərliyi ilə bir yerdə bu məsələlərə ciddi şəkildə baxmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Suallar var. Mən xahiş edirəm, suallar çox qısa olsun. Xahiş edirəm, çıxışa çevirməyin. Na-zim Məmmədov, buyurun.
N.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Adətən, mən çox qısa sual verirəm. Ona görə də hesab edirəm ki, Hesablama Palatasının rəhbəri bu suala çox diqqətlə yanaşacaq. Çünki bir neçə il ərzində, təbii ki, analitik informasiyalar bizə verilirdi, tövsiyə xarakterli məlumatlar da qeyd edilirdi. Ancaq builki hesabatda, çox şükürlər olsun ki, praktiki yoxlamaların sayı və həcmi çoxalıb. Hər il siz yazırsınız ki, Azərbaycan Respublikası Prezidentindən, Azərbaycan Respublikası Milli Məclisindən, Azərbaycan Respublikası Milli Məclisinin komitələrindən tapşırıq, sorğu və təklif daxil olmamışdır. Bu, son üç ildə təkrarlanan sözlərdir. Ona görə mən bir neçə dəfə təklif etmişəm, “Hesablama Palatası haqqında” Qanuna dəyişiklik edilməlidir. Bu xırda bir dəyişiklikdir. Mən artıq qanun layihəsini də hazırlamışam. Güman edirəm ki, buna Hesablama Palatasının rəhbərliyi müsbət yanaşa bilər. Çünki bununla da biz öz üzərimizə düşən vəzifələri  yerinə yetirmiş olarıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı, buyurun.
S.Rüstəmxanlı. Heydər müəllimə çox qısa bir sualım var. Burada Nazirlər Kabinetinə yazılan məktub və təkliflərin arasında ünvanlı dövlət sosial yardıma da toxunuldu. Bilirsiniz, ölkədə bir narazılıq var, çoxlu məktublar gəlir, camaatla görüşəndə də deyirlər. Kart sistemi tətbiq olundu ki, rüşvətin qarşısı alınsın, həmin müavinətlər camaata çatsın. Amma indi  onun da üsulunu tapıblar. Kartları ildə bir dəfə yığırlar, 4-5 ay yubadandan sonra qaytarırlar. 4-5 aylıq sosial yardım vətəndaşa çatmır. Yaxud siyahılar tutulanda subyektiv amillər nəzərə alınır. Ehtiyacı olanlar qıraqda qalır, ehtiyacı olmayanlara sosial yardım verilir. Bu məsələnin qarşısını al-maq lazımdır. Rüşvət, korrupsiya, böyük miqdarda pullar bir yana, camaatın daha bununla işi yoxdur. Camaat deyir, heç olmasa, mənim aldığım qəpik-quruşu versinlər. Nəyə görə kasıb adamın 3-4 aylıq maaşına, çörək puluna göz dikməlidirlər? Bu cinayətlərin qarşısını almaq üçün nə etmək olar? Hesablama Palatası hansı tədbiri görə bilər?
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli, buyurun.
N.Nəsibli. Təşəkkür edirəm. Bir sualım var. Heydər müəllimdən soruşmaq istəyirəm. Mən bu hesabatı çox diqqətlə oxudum, amma rast gəlmədim. Bir neçə il  bundan əvvəl böyük dövlət inhisarlarının büdcəyə borcları qalmışdı. Hətta 2 milyard manatdan artıq bir rəqəm göstərilmişdi.  İndi o borclar qaytarılıb, ya yox? Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev, buyurun.
N.Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, digər ölkələrdən fərqli olaraq, 2009-cu ildə Azərbaycanda dövlət başçısı, möhtərəm İlham Əliyevin qəti əzmkarlığı, möhkəm siyasi iradəsi və məqsədyönlü iqtisadi siyasəti nəticəsində ciddi irəliləyişlər və uğurlu nəticələr əldə olunmuş, ölkənin iqtisadi qüdrəti daha da artmışdır. Xüsusilə vurğulamaq istəyirəm ki, bu uğurlarla yanaşı, dövlət başçısı tərəfindən dövlət vəsaitinin qorunmasına, onlardan düzgün istifadə edilməsinə və maliyyə intizamının gücləndirilməsinə də zəruri diqqət yetirilmişdir.
Məhz Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin diqqət və qayğısı nəticəsində Hesablama Palatası üçün şəhərin mərkəzində möhtəşəm arxitektura üs-lubuna malik olan, şəhərin arxitekturasına xüsusi gözəllik verən, maddi-texniki təminatı yüksək səviyyədə olan inzibati bina tikilərək istifadəyə verilmişdir. Binanın açılışında möhtərəm Prezidentin şəxsən iştirak etməsini və Hesablama Palatasının əməkdaşları ilə görüşündə onların fəaliyyətini yüksək qiymətləndirməsini, eyni zamanda, Hesablama Palatasının üzərinə çox məsul vəzifələrin qoyulması kimi dəyərləndirirəm. Hesablama Palatasının hesabat ilində fəaliyyəti belə deməyə imkan verir ki, palata möhtərəm Prezidentin etimadını doğrultmaq üçün, doğrudan da, səylərini əsirgəməmiş və öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmışdır.
Hörmətli sədarət, Hesablama Palatasının 2009-cu ildə fəaliyyəti haqqında hesabatın nəticələrinə əsasən qeyd etmək istərdim ki, palata yalnız nəzarət tədbirlərinin sayını artırmağı öz qarşısına məqsəd qoymamış, həm də yüksək nəticələr əldə etmişdir. Hesabatdan göründüyü kimi, palata öz  yoxlamalarında bütün sahələri əhatə etməyə çalışmış, həm də həmin sahələrin kompleks  əhatə olunmasına xüsusi diqqət yetirmişdir.
Hörmətli millət vəkilləri, mən sizin diqqətinizi əldə olun-muş nəticələrə yönəltmək və qeyd etmək istəyirəm ki, hesabat ilində palatanın fəaliyyəti nəticəsində böyük məbləğlərdə düzgün istifadə olunmayan büdcə vəsaitlərinin bərpa edilməsinə, dövlət büdcəsinə köçürülməsinə, başa çatdırılmayan təmir-tikinti işləri üzrə əlavə işlərin görülməsinə, təşkilatın büdcədən alacaqlarının azaldılmasına, alınmış malların və əsas vəsaitlərin uçota alınmasına, nizam-intizamın yaradılmasına, lazımsız ştatların ixtisar edilməsinə nail olunmuşdur.
Hörmətli Ziyafət müəllim, mən təqsirkar şəxslərin barəsində görülmüş işləri yüksək qiymətləndirirəm. Hesabat-dan göründüyü kimi, palatanın keçirdiyi tədbirlər nəticəsində nəhəng idarə müdirləri də daxil olmaqla,  onlarla şəxs işdən çıxarılmış, töhmət və xəbərdarlıq almış, bir neçə fakt üzrə cinayət işi açılmışdır. Hesab edirəm ki, bütün bu faktlardan dövlət vəsaitlərindən istifadə edən hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır. Palatanın özünün normativ metodiki təminatının artırılması istiqamətində gördüyü işlər də təqdirəlayiqdir. He-sabat ilində 13 mükəmməl normativ sənədin hazırlanmasını yüksək qiymətləndirirəm.
Hörmətli sədarət, hörmətli millət vəkilləri!  Çıxışımın sonunda  mən sizin diqqətinizi Hesablama Palatası tərəfindən hökumətə ünvanlanmış təklif və tövsiyələrə cəlb etmək istəyirəm. Hesab edirəm ki, bu təkliflərin hamısı əməli təkliflərdir, işimizin xeyrinə olan təkliflərdir. Müvafiq qurumlar tərəfindən onların dərindən öyrənilməsi və tətbiq olunması ümumi işimizə böyük fayda gətirə bilər. Mən Hesablama Palatasının 2009-cu ildə fəaliyyətini yüksək qiymətləndirirəm və həmkarlarımı hesabatın qəbul edilməsinə səs verməyə çağırıram. Palataya gələcək məsuliyyətli işlərində uğurlar arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Siyavuş Novru-zov söz istəyir. Buyurun, Siyavuş müəllim.
S.Novruzov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də həmkarlarımın fikri ilə razıyam, Hesablama Palatasının hesabatını yüksək qiymətləndirirəm, gələcək fəaliyyətində uğurlar arzu edirəm. Mən ondan başlamaq istəyirəm ki, He-sablama Palatasına bu yaxınlarda möhtərəm Prezidentimizin iştirakı ilə çox gözəl bir bina tikilib istifadəyə verilmiş, işçilər üçün gözəl şərait yaradılmışdır. Mənim xatirimə düşür ki, ilk növbədə Hesablama Palatası həmin evlərin azadlığa çıx-masında çox yaxşı bir iş görübdür. Vaxtilə həmin binanın yerində şər-şür işlərlə, vətənə, xalqın əleyhinə müxtəlif təxribatlarla məşğul olurdularsa, bu gün həmin binanın yerində Azərbaycanın dövlət büdcəsinin qorunması, büdcədən kiminsə səhv yollarla qazanc əldə etməsinin qarşıs-ının alınması, şişirdilmiş şəkildə müəyyən hesabatların ortaya çıxarılması və dövlət büdcəsindən oğurlanmış vəsaitlərin geri qaytarılması istiqamətində işlər görülür. Bu çox savab işdir. Bu baxımdan Hesablama Palatasının işini çox yüksək qiymətləndirmək olar.
Bizə Hesablama Palatasının məruzəsi də daxil olub. Məruzə ilə əlaqədar Sədr özü də geniş məlumat verdi. Bu hamımızın gözü qarşısındadır. Təbii ki, yoxlanılmalı yerlər çoxdur, amma palatanın potensialını da nəzərə almalıyıq. Bir il ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin yoxlanmasına gücləri çatır və imkan daxilində bunu yüksək səviyyədə həll edib Milli Məclisə məlumat verirlər. Gələcəkdə bu fəaliyyət istiqamətləri genişləndirilməlidir.
Bu gün Azərbaycanda geniş quruculuq, abadlıq işləri ge-dir. Azərbaycanın dövlət büdcəsi hər il artımla inkişaf edir. Müəyyən insanlar Azərbaycanın inkişafı üçün, Azərbaycanın tərəqqisi üçün, Azərbaycanda sosial strukturların inkişafı üçün sərf olunan vəsaitlərdən bu və ya digər şəkildə bəhrələnmək istəyirlər. Lakin Hesablama Palatası vaxtında bunun qarşısını alır və Azərbaycan xalqının mənafeyi naminə sərf olunacaq vəsaitlərin bilavasitə xalqın ünvanına çatdırılmasına şərait yaradır. Hansı sahələrdə nöqsanlar olacaqsa, Hesablama Palatası gələcəkdə  də bunları araşdırıb Milli Məclisə təqdim edəcəkdir. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, bu-nu yüksək şəkildə qiymətləndirək, səsə qoyaq, qəbul edək. Onlar da öz işlərini davam etdirsinlər.
Sədrlik edən. Təkid edən varmı? Zahid Oruc təkid edir. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.53 dəq.)
Lehinə  89
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Heydər müəllim, Sizi təbrik edirik və işinizdə uğurlar arzulayırıq. Belə də davam edin. Milli Məclisin dəstəyi də həmişə olacaq. Sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi