2010-ci il 8 iyun tarixli iclasın stenoqramı

 ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN 
NÖVBƏDƏNKƏNAR
XV  SESSİYASI  İCLASININ
                                                                                                                                                     
PROTOKOLU  № 144

Milli Məclisin iclas salonu.

 8 iyun 2010-cu il. Saat 12.

Milli Məclisin Sədri 
O.Əsədov sədrlik etmişdir

İclasda  Milli Məclisin 114 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

M.Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiysının sədri.


*    *    *

E.Mirzəyev, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
A.Həmzəyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Dövlət Nəzarəti Agentliyinin Maliyyə-İqtisadiyyat Baş İdarəsi rəisinin müavini.
N.Yusubova, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Hüquq İdarəsinin rəisi.


*    *    *

Ç.Məmmədov, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.

 

         
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:


1. “Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

2. “Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

3. Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi  barədə.

4. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

5. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

6. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

7. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında yardım xidmətlərinin göstərilməsinə dair” Anlaşma Məktubunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi  barədə.

8. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

9. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün seçilməsi haqqında.

10. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında  Azərbaycan Respublikası qanununun layihəsi  barədə.

11. Azərbaycan Respublikasının hərbi doktrinasının layihəsi haqqında.


İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

2. “Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

3. “Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

4. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

5. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

6. “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

7. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında yardım xidmətlərinin göstərilməsinə dair” Anlaşma Məktubunun təsdiq edilməsi haqqında”  Azərbaycan Respublikasının Qanunu.

8. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

9. “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

10. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”  Azərbaycan Respublikasının Qanunu.

11. “Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                                 O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

8 iyun 2010-cu  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız. Milli Məclisin 2010-cu il növbədənkənar sessiyasını açıq elan edirəm!
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Çox sağ olun, əyləşin. Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat                                       (saat 12.04 dəq.)
İştirak edir                                                           102 
Yetərsay                                                               83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik. Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri                        (saat 12.05 dəq.)
Lehinə                                                                         94
Əleyhinə                                                                       1
Bitərəf                                                                          1
Səs vermədi                                                                  1
İştirak edir                                                                    97
Nəticə: qəbul edildi

Çox sağ olun, təsdiq edildi. Yəqin, müzakirələr lazım olacaq. Xahiş edirəm, yazılasınız. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2010-cu ilin həm də parlament seçkiləri ili olduğunu nəzərə alaraq,  bundan əvvəlki yaz sessiyasında Milli Məclisin gündəliyinə Seçki Məcəlləsinin dəyişdirilməsi haqqında məsələnin daxil edilməsi təklifi ilə çıxış etmişdik.
Təəssüflər olsun ki, Seçki Məcəlləsinin dəyişdirilməsi məsələsi yaz sessiyasının iş planına daxil edilmədi. Çox istərdim ki, Seçki Məcəlləsinin dəyişdirilməsi məsələsi növbədənkənar sessiyanın iş planına salınsın, bundan əvvəl 6 müxalifət partiyasının birgə imzalayıb Milli Məclisə göndərdiyi layihə müzakirəyə çıxarılsın və seçki prosesində iştirak edəcək siyasi partiyaların ümumi razılığı əsasında Mərkəzi Seçki Komissiyasının formalaşdırılması, namizədlərin qeydə alınması, müşahidə missiyasının birgə həyata keçirilməsi və sair kimi problemlər Seçki Məcəlləsində öz əksini tapmış olsun. Çünki Seçki Məcəlləsində bu dəyişikliklərin olması mahiyyət etibarilə Azərbaycanda müxalif siyasi partiyaların da, ictimai təşkilatların da, vətəndaş cəmiyyəti nümayəndələrinin də maraqlarına cavab verən demokratik seçkinin keçirilməsi və bütövlükdə Azərbaycanın demokratikləşməsi istiqamətində ciddi bir addım olar. Biz layihədə komissiyaların bərabər paritet əsasında formalaşdırılması, namizədin qeydiyyatının sadələşdirilmiş variantının həyata keçirilməsi, o cümlədən girov vasitəsilə qeydə alınması, müşahidə missiyasının açıq olması, ekzitpolların keçirilməsi və buna bənzər bir sıra problemlərin həllini təklif edən müddəalar vermişik.
İkinci məsələ də bilavasitə seçki ili ilə bağlıdır. “Sərbəst toplaşma azadlığı haqqında” Qanunun tələbləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yerinə yetirilmir. Bakı Şəhər İcra Hakimiyyəti siyasi partiyalara absurd, məntiqdən çox uzaq cavablar verir və neçə vaxtdır siyasi partiyaların ona müraciət etməsinə baxmayaraq, kor tutduğunu buraxmadığı kimi üç yerdən yapışıb. Biz o üç yerin üçünə də baxış keçirmişik. O yerlər kütləvi aksiya keçirmək üçün minimal tələblərə belə cavab vermir. Orada kütləvi aksiya keçirmək üçün heç bir şərait yoxdur. Beləliklə, Bakı Şəhər İcra Hakimiyyəti həm Azərbaycan Konstitusiyasının, həm “Sərbəst toplaşma azadlığı haqqında”,   həm də “Siyasi partiyalar haqqında” qanunların  müddəalarını pozur. Kütləvi aksiya keçirmək üçün cəhd edən vətəndaşlara da polis və məhkəmələr vasitəsilə təzyiq göstərilir. Bu problemlər seçki ilində öz həllini tapmalıdır ki, 2010-cu ilin parlament seçkilərində müxalifətin və namizəd olub seçkilərə qatılmaq istəyən insanların seçicilərlə ünsiyyətinə asan şərait yaradılsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Baba Tağıyev.
B.Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çıxışımın əvvəlində mən Qəzza bölgəsinə humanitar yardım aparan insanlara qarşı İsrail iqtidarı və hərbçiləri tərəfindən törədilən qanlı cinayətin, silahsız, sivil insanların  qətlə yetirilməsinin insanlığa, bəşəriyyətə qarşı cinayət olduğunu tərəfsiz millət vəkili kimi  bəyan edirəm.
İkinci məsələ. Qarşıdan çox önəmli bir gün – Azərbaycan xalqının qurtuluş günü gəlir. Azərbaycan xalqı bu qurtuluş gününü yüz illər bundan sonra da ulu öndərimiz Heydər Əliyevi çox böyük minnətdarlıq hissi ilə yad edərək qeyd edəcəkdir. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı xaricdəki müəyyən qüvvələrin uzun illər xalqımıza sırımaq istədiyi bir mifə son qoydu. Bu qayıdış sübut elədi ki, Azərbaycanda hakimiyyətə gəlmək, hakimiyyəti əldə saxlamaq üçün əsas şərt Azərbaycan xalqının iradəsi, istəyidir. Halbuki ulu öndərimizin hakimiyyətə qayıdışına qədər xalqda belə bir təsəvvür yaratmağa səy göstərilirdi ki, xaricdən  hər hansı bir dəstək olmasa, Azərbaycanda hakimiyyətə gəlmək, hakimiyyətdə qalmaq olmaz. Mən heç vaxt bu fikirlə razı olmamışam. Misal üçün, Vəzirov, Mütəllibov xaricdən çox böyük dəstək aldıqları halda  hakimiyyətdə qala bilmədilər. Çünki Heydər Əliyevdən fərqli olaraq onları  xalq dəstəkləmirdi. Azərbaycan xalqı Heydər Əliyev siyasətini bu gün də dəstəkləyir, uzun illər də  dəstəkləyəcəkdir.
Mən bir məsələyə də toxunmaq istərdim. Bir təklifim vardır. Vaxtilə Azərbaycan xalqını, Azərbaycan müsəlmanlarını erməni-bolşevik zülmündən, qətllərindən qurtarmış Türk-İslam Ordusunun komandanı Nuru Paşaya Azərbaycanda abidə qoyulması Azərbaycan xalqının, Azərbaycan dövlətinin  mənəvi borcudur. Mən xahiş edərdim, bu məsələyə də diqqət yetirilsin. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov.  Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mən Seçki Məcəlləsinə müxalifətin təklif etdiyi əlavə və dəyişikliklərlə bağlı fikirlərimi bildirmək istəyirəm. Burada qeyd olundu ki, qarşıdan gələn seçkilərlə əlaqədar Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişiklik olunmalıdır. Təbii ki, məcəllənin müvafiq maddələrinə dəyişiklik olunmalıdır, amma burada səslənən maddələrə yox. Çünki istər seçki komissiyalarının qurulması, istər müşahidəçilik missiyası, istərsə də namizədlərin qeydə alınıb alınmaması ilə əlaqədar Azərbaycan Respublikasının Seçki Məcəlləsində göstərilən müddəalar  Avropa dövlətlərinin əksəriyyətində qəbul olunan müddəalardır və o formada həyata keçirilir. Bu gün namizədin qeydiyyata alınmasının ən yüngül forması elə Azərbaycan Respublikasındadır. Bizdə istənilən vətəndaş namizədliyini irəli sürə bilər. Namizədlik partiya tərəfindən də, fərdi qaydada da irəli sürülə bilər. Faktiki olaraq az imza toplamaqla  namizədliyin qeydə alınması prosesi həyata keçirilir.
Müşahidəçilik missiyası. Hər bir seçkidə istənilən namizəd, siyasi partiya, qeyri-hökumət təşkilatı seçki prosesini müşahidə etmək hüququna malikdir. Sadə qaydada müraciət olunduqdan sonra onlar müvafiq dairə və məntəqə seçki komissiyalarından mandat alıb müşahidəni həyata keçirirlər.
Komissiyaların strukturu da tam paritet əsasında qurulub. Parlamentdə olan çoxluğun, parlamentdə olan bitərəflərin və parlamentdə təmsil olunan azlığın nümayəndələri bu gün komissiyaların tərkibində var. Heç bir dünya ölkəsində belə bir şey yoxdur. Dünyanın əksər yerində komissiyalar ancaq bitərəflərdən təşkil olunur və bununla da öz işini başa çatdırmış olur. Bu gün Azərbaycan ən demokratik formanı seçərək bütün tərəflərin maraqlarını əks etdirir. Elə sizin dediyiniz paritet orada öz əksini tapıb, paritet var. Hər tərəfdən 6 nəfər və yaxud dairədə üç-üç, iki-iki. Hamısı nəzərdə tutulub. Bundan əlavə nə paritet ola bilər?
Burada sərbəst toplaşma azadlığı ilə bağlı sual oldu. Bakı Şəhər İcra Hakimiyyəti müvafiq yerlər ayırıb. Kimin xoşuna gəlir, kimin xoşuna gəlmir. Bəziləri  metronun və ya ticarət mərkəzinin qarşısında toplaşmaq istəyirlər. Çünki sosial bazaları yoxdur, ümidləri orada olan insanlaradır. Ticarətə gələn və digər insanların hesabına hər hansı bir mitinq keçirmək arzusunda olanlar bilsinlər ki, – qanunda da göstərilib, – toplaşmaq üçün yerin müəyyənləşdirilməsi müvafiq icra hakimiyyətinə aiddir. Müvafiq icra hakimiyyəti həmin yeri göstərsin, öz tərəfdaşlarınızı toplayın, gedin orada mitinqinizi keçirin. Orada hansı fikri istəsəniz, söyləyə bilərsiniz. Təşəkkürümü bildirirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri!  Qaldırdığımız məsələlərin bu yaz sessiyasında öz həllini tapmaması  bizdə ciddi narahatçılıq doğurdu. Ümid edirəm ki, heç olmasa, növbəti sessiyada bu məsələlərə diqqət yetirilər. Birinci növbədə eks-prezidentlərin statusu haqqında verilmiş Konstitusiya qanunu layihəsinin müzakirəyə çıxarılmaması hər halda yaxşı hal deyil. Çünki Konstitusiyada dəyişiklik etmişiksə və konkret layihə də təqdim olunubsa, bu layihəyə münasibət bildirilməsi ən azı Konstitusiyanın normalarına əməl olunmasına bizim necə yanaşdığımızı göstərərdi.
İkinci, “Siyasi partiyalar haqqında” Qanunda da dəyişiklik edilməməsi hələ ki, demokratikləşmə paketini həyata keçirmək niyyətimizin olmamasını göstərdi. Çünki siyasi partiyaların rolunu artırmadan, siyasi partiyaların inkişafına şərait yaratmadan ölkədə demokratikləşməni hər hansı bir şəkildə inkişaf etdirmək problemli məsələ olaraq qalacaqdır.
Üçüncü, bu gün gündəliyə daxil olan məsələlərdən biri də Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasında boş olan yerə namizəd irəli sürülməsidir. Bu, Yeni Azərbaycan Partiyasının qanunvericilikdə nəzərdə tutulan haqqıdır və bu hüququndan istifadə edir. Buna normal yanaşırıq. Amma burada məntiqsizlik ortaya çıxır. Hansı əsaslarla parlamentdə azlığı təşkil eləyən partiyaların iki yeri boş saxlanılır? Bunun bir izahı verilməlidir.
Burada Seçki Məcəlləsinin dəyişdirilməsi barədə söhbət getdi və bildirildi ki, sərbəst toplaşma azadlığına, başqa məsələlərə məhdudiyyət qoyulur. Mövcud Seçki Məcəlləsinin özünün belə həyata keçirilməsi, müddəalarının yerinə yetirilməsi təmin olunmur. Artıq iki ildən artıqdır ki, parlamentdə təmsil olunan azlığa aid yerlər boş saxlanılır. Əgər bununla bağlı müraciət olunmayıb deyilirsə, müraciət olunub. Böyük Quruluş Partiyası da, Azərbaycan Xalq Cəbhəsi Partiyası da namizəd irəli sürüb. Əgər hər hansı bir prosedurda, məktubda yanlışlıq varsa, bunu, xahiş edirəm, irad kimi bildirin. Yeni Azərbaycan Partiyasının tələbi həyata keçirilir, amma azlığa daxil olan partiyaların tələbi həyata keçirilmir. ATƏT-in və başqa beynəlxalq təşkilatların tədbirlərində də bu məsələ gündəmə gətirilir və hər dəfə də irad olaraq səsləndirilir ki, bu, düzgün yanaşma deyil. Ona görə, Oqtay müəllim, xahiş edirəm, bu məsələ də, heç olmasa, sessiya başa çatmamış həllini tapsın. Bu ən azı ümumi işimizin xeyrinə olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Bu məsələni dəfələrlə qaldırırsınız. Mən artıq  bir dəfə sizə sözümü demişəm. Məsələ ondadır ki, iqtidar bir partiyadan ibarət olduğuna görə MSK-da onun üçün ayrılmış yerlərə namizədlərini asanlıqla müəyyən edir. Amma burada müxalifəti, maşallah, 8 partiya təmsil edir və hamısı da bu yerlərə öz namizədini vermək istəyir. Yerlərin sayı isə 2-dir.
Hələ bir dəfə olmayıb ki, bu 8 partiya bir yerə yığışıb o 2 yerə ümumi bir namizəd versin. Bu yer hansı partiyaya verilsin  –  Böyük Quruluş Partiyasına, Sabir Rüstəmxanlının partiyasına, Fəzail Ağamalının partiyasına, ya Qüdrət Həsənquliyevin partiyasına? Hansı partiyaya verilsin? Bir dəfə yığıldınız,  hərə öz namizədini verdi. Xahiş edirəm, yenə yığışın,  –  qabaqda iki sessiya var, – bir fikrə gəlin, deyin ki, filan namizədlərimizi veririk. Sözün məğzi budur. Bir də deyirəm, yığışın, bir qərara gəlin, müraciət eləyin, baxaq.  Arzu Səmədbəyli.
A.Səmədbəyli. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Deyilən məsələlərlə bağlı mən də narazılıqları bölüşürəm. Gündəlikdə Mərkəzi Seçki Komissiyasının üzvünün seçilməsi haqqında məsələ var. Yəqin ki, orada fikirlərimi bildirəcəyəm.
Amma indi mən vacib saydığım və dəfələrlə burada səsləndirdiyim bir fikrə yenidən qayıtmaq, bir vacib məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu, ölkədəki aztəminatlı  ailələrin, eyni zamanda, büdcədən maliyyələşən təşkilatlarda çalışanların və pensiyaçıların dolanışıq imkanlarının  məhdudluğu ilə bağlıdır. Bu məsələni bir dəfələrlə qaldırmışıq. Çox təəssüflər olsun ki, bu problem öz həllini tapmır.
Azərbaycanın dövlət büdcəsində 2010-cu il üçün əməyin ödənilməsinə 2 milyard 387 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu, bütün büdcə xərclərinin 21,2 faizini təşkil edir. Bu vəsaitdən ən çox pay götürən təhsil işçiləri olsa da, onların əmək haqları orta aylıq əmək haqqından 1,5 dəfə, səhiyyə işçilərinin əmək haqqı isə 2 dəfə aşağıdır.  Ötən il Milli Məclisin qərarı ilə Azərbaycanda  2010-cu il üçün yaşayış minimumu 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən edilib.  Hazırda pensiyanın baza hissəsi və minimum əmək haqqı 75 manat təşkil edir.
2009-cu ildən başlayaraq yaşayış minimumunun dəyəri bu iki göstəricini üstələyib. İndiyə qədər belə bir hal olmayıb. İlk dəfədir. Bunun əsas səbəbi odur ki, sonuncu dəfə əmək haqlarının, pensiyaların baza hissəsinin və minimum əmək haqqının artırılması haqqında qərar 2008-ci ilin yayında, iki il bundan əvvəl Prezident seçkiləri öncəsi  verilib. İllərdir ki, insanlar nə zaman pensiyalarının, minimum məvaciblərinin artırılacağını gözləyir.
Bu ilin birinci rübündə Azərbaycan Respublikasının dövlət büdcəsində 557 milyon 700 min manat profisit, artıqlıq yaranıb. Təbii ki, bu, neftin qiymətinin artması hesabına baş verib. Odur ki, nə qədər gec deyil, hökumət təxirə salmadan pensiyaların minimum bazasını artırmalı, onun minimal səviyyəsi orta aylıq əmək haqqının 40 faizinə, yəni 120 manata çatdırılmalıdır. Minimum əmək haqqı və büdcə sferasında çalışanların, xüsusilə də səhiyyə, təhsil işçilərinin maaşları dərhal qaldırılmalıdır.
Bunun üçün kifayət qədər mənbə var. Birinci, büdcədə profisit var. İkinci, ölkədə valyuta ehtiyatlarının həcmi 23 milyardı ötüb. Yeri gəlmişkən, onun 40 faizi avroda saxlanılır və bu da çox böyük narahatlıq yaradır. Bilirsiniz ki, avronun məzənnəsi getdikcə düşməkdədir. Çox yaxşı olar ki, hökumət və bizim uyğun komitələrimizin rəhbərləri bununla bağlı düşünsünlər. Yəni 1 milyard manat vəsait ayrıla bilər ki, bu da büdcədən maliyyələşən təşkilatlarda əmək haqqını iki dəfə artırmağa yetər. Biz  təklif edirik ki, bu əmək haqları iki dəfə artırılsın.
Sədrlik edən.  Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən gündəlikdəki  məsələlərin çox aktual məsələlər olduğunu, ona görə də geniş, ciddi müzakirə ediləcəyini düşünürəm. Burada bir neçə fikir səsləndi. Əlbəttə, bu  fikirlərin bir çoxu həqiqi mənada daxili narahatlıqdan doğan fikirlərdir. Mən həmkarlarımın fikirlərinə şərh vermək istəmirəm, amma, sadəcə, o məsələlərlə əlaqədar öz mövqeyimi bildirmək istəyirəm.
Seçki Məcəlləsi ilə bağlı təkliflər, sərbəst toplaşmaq azadlığı, siyasi partiyaların rolu  bu gün  gündəmi məşğul edən əsas məsələlərdir və hər kəs bunun ətrafında öz fikirlərini bildirərək, ictimaiyyətə mövqelərini çatdırmaq istəyir. Daha bir fikir ifadə olundu ki, Seçki Məcəlləsinin müddəaları təmin olunmur. Mən bu fikirlə qətiyyən razı deyiləm. Seçki Məcəlləsinin müddəalarının təmin olunmasını ilk növbədə Azərbaycanda seçkili orqanların formalaşması və qanunla onlara ayrılan səlahiyyətlər çərçivəsində işini müstəqil şəkildə davam etdirməsi sübut edir. Bu həm yerli səviyyələrdə, həm də parlament və Prezident səviyyələrində həyata keçirilir.
Seçki Məcəlləsinin müddəalarının təmin olunmadığını söyləyənlər daha çox bu müddəalardan narazı olan və bu müddəaların hər gün, hər saat, hər dəqiqə dəyişilməsini tələb edən adamlardır. Biz də bilirik ki, bütün dünyada Seçki Məcəlləsi elə qanun toplularından biridir ki, gündə dəyişməklə yox, daimi işləməklə daha çox səmərəli, faydalı ola bilər. Çünki biz hakimiyyət orqanlarını  formalaşdırmaq üçün hazırladığımız və qəbul etdiyimiz qanunları günbəgün dəyişdirdikcə cəmiyyətdə qanuna inam azalır. Üstəlik, insanlar bu qanunların şərtlərini və tələblərini tam mənimsəyə bilmirlər və mənimsəyə bilmədikləri üçün də onlara tam əməl edə bilmirlər. Onda belə bir fikir, belə bir görüntü yaradılmağa çalışılır ki, Seçki Məcəlləsi və ümumiyyətlə, seçki qanunvericiliyi işləmir. Mən bu fikirlə, bir daha söyləyirəm, qətiyyən razı deyiləm.
Seçki Məcəlləsinin  müddəaları ilə razı olmayıb onun əleyhinə çıxış edənlər bir şeyi də  qəbul etməlidirlər. Qanun nə qədər ki, mövcuddur, nə qədər ki, onun müddəaları dəyişilməyib, o,  fərdlər tərəfindən də, onların toplaşdığı ictimai və  siyasi qurumlar  tərəfindən də yerinə yetirilməlidir. Mən düşünürəm ki, bu istiqamətdə geniş müzakirələr açmağa ehtiyac yoxdur. Biz hər zaman seçkilər ərəfəsində bu və ya digər maddələrə müəyyən dəyişikliklər edirik. Ona görə də ola bilər ki, Seçki Məcəlləsinin bu və ya digər maddəsi ilə bağlı təkliflər olsun. O zaman konkret maddələr üzrə fikirlərimizi bildirərik. Ümumilikdə isə, mən qanunvericiliyin işləməməsi barədə fikir formalaşdırmağın qəti əleyhinəyəm.
Siyasi partiyaların rolu ilə bağlı. Biz də Yeni Azərbaycan Partiyası olaraq “Siyasi partiyalar haqqında” Qanunun dəyişilməsini vacib hesab edirik və düşünürük ki, o, siyasi reallıqlara uyğun bir şəkildə yenidən   işlənib təkmilləşdirilməlidir. Amma bir reallığı da qəbul etmək lazımdır ki, biz seçkilər ərəfəsindəyik və istənilən siyasi prosesləri tənzimləyən qanun da siyasi reallıqları və deməli, seçkinin nəticələrini özündə əks etdirməlidir. Mən düşünürəm ki, parlament seçkilərindən sonra parlamentdə təmsil olunan siyasi qüvvələr nisbətini nəzərə alaraq, “Siyasi partiyalar haqqında” Qanuna bu və ya digər dəyişiklikləri etmək olar.
Burada pensiyaların, təhsil və səhiyyə işçilərinin əmək haqlarının artırılması barədə fikirlər səsləndi. Bəli, bu, Azərbaycan dövlətinin diqqət mərkəzində olan məsələlərdəndir. Şəxsən Azərbaycanın Prezidenti və onun rəhbərlik etdiyi müvafiq ali icra hakimiyyəti orqanları bu məsələni daim gündəlikdə saxlayır və Azərbaycanın artan imkanlarına uyğun olaraq, problemlərin həlli üçün hər an vacib addımları  atırlar. Düşünürəm ki,  bu fikirlər Azərbaycan hökumətində də var və bu fikirlər ümumiləşəndən, qəti nəticə müəyyən olunandan sonra onunla bağlı mövqelər aydınlaşa bilər. Ona görə də mən düşünürəm ki, indidən seçkiqabağı təbliğat prosesinə başlamaq bir az tezdir və insanlara, onların seçimlərinə təsir göstərən çıxışlara yer verməkdənsə, bugünkü gündəliyə daxil olan məsələlər ətrafında fikirlərimizi ümumiləşdirsək və mövqelərimizi bildirsək, daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Mən fikir  bildirmək yox, sadəcə olaraq, Arzu Səmədbəylinin çıxışından sonra yadıma düşən bir şeyi demək istəyirəm.  2003-cü ildə Prezident seçkilərində bəzi müxalifət liderləri deyirdilər ki, biz hakimiyyətə gələriksə, hər ailəyə 10 min dollar pul verəcəyik. Bu da indi deyir ki, bu saat bütün büdcə təşkilatlarının əmək haqqını iki dəfə artıracağıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin dediklərin şifahi ədəbiyyatdır. Yeri elə göstərməzlər, ay qardaş, iqtisadiyyat var. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Mən düşünürəm, bizim insanlıq borcumuz, qardaşlıq borcumuz, müttəfiqlik borcumuz və Qarabağda həlak olan şəhidlər qarşısında borcumuz tələb edir ki, bu gün İsrailin beynəlxalq sularda 9 türk vətəndaşının şəhid olması ilə nəticələnən quldur basqınını Azərbaycan Respublikasının Milli Məclisi adından birmənalı şəkildə pisləyən bir bəyanatla, yaxud hansısa bir formada açıqlama ilə  çıxış  edək. Hazırda  İstanbulda  Asiya zirvəsi  keçirilir  və bu
məsələ də həmin zirvənin gündəmindədir. Azərbaycanın dövlət başçısı da həmin zirvədə iştirak edir. Bu məsələnin orada da müzakirə olunduğunu nəzərə alaraq, Milli Məclisin məhz bu gün, bu iclasında belə bir mövqe ilə çıxış etməsi böyük əhəmiyyətə malik olardı. Hörmətli Sədr, xahiş edirəm, bu məsələ ilə bağlı ya işçi qrup yaradılsın, ya da bu təklif səsə qoyulsun. Çünki burada  müzakirə aparmalı  bir şey yoxdur.
İkinci, bu sessiyanın çağırılmasına imza qoyub, onun çağırılması üçün səs verənlərdən biri də mən olmuşam və hesab edirəm ki, bu gündəliyə və yaxud növbəti iclasların gündəliyinə mütləq Azərbaycanın dövlət büdcəsinə baxılması daxil edilməlidir. Mən burada səslənən bir sıra fikirlərin, o cümlədən həmkarım, Müsavat deputat qrupunun üzvü hörmətli Arzu Səmədbəylinin də irəli sürdüyü sosial tələblərin bu sessiyada müzakirə olunmasının tərəfdarıyam. Bundan əlavə, demək olar ki, bizim hamımızın  5 il əvvəl seçicilər qarşısında götürdüyümüz öhdəliklər var. İndi o 5 il başa çatır. Sovet dövründə banklara qoyulmuş əmanətlərin əhaliyə qaytarılması və digər məsələlərin həyata keçirilməsi üçün, nəhayət, sonuncu imkanlardan istifadə etmək lazımdır. 5 il başa çatır. Mən hesab edirəm ki, geniş bir amnistiyanın tətbiqi barədə məsələnin də bu növbədənkənar sessiyanın gündəliyinə daxil edilib həll olunması üçüncü çağırış Milli Məclisin çox mühüm bir  humanist  addımı olardı.
Sonda mən də seçkilər məsələsinə toxunmaya bilmərəm. Açıq-aydın Yeni Azərbaycan Partiyası yenidən seçkiləri saxtalaşdırmağa hazırlaşır və  seçkiləri saxtalaşdırmağın Azərbaycanda keçirilən istər Prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində illərdən bəri dəfələrlə  sınanmış mexanizmini saxlamağa cəhd göstərir. Onların başqa yolu yoxdur, – biz onları başa düşürük, – çünki onlar səsləri xalqdan yox,  seçki komissiyasından gözləyirlər. Xalq, inşallah, özünün əsl nümayəndəsinə səs verəcək.
Sədrlik edən. İnşallah deyək, əlbəttə. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun, hörmətli cənab Sədr. Əlbəttə, mənim yazılmaqda başlıca məqsədim məndən öncə həmkarım Pənah Hüseynin qaldırmış olduğu məsələ idi. Qəzzaya humanitar yardım aparan  dinc insanların İsrail hərbçiləri tərəfindən  atəşə tutulması və 9 nəfərin ölümü,  15 nəfərin yaralanması ilə nəticələnən bu vandalizm, əlbəttə, dünya ictimaiyyətini ciddi şəkildə narahat edibdir. Azərbaycan dövləti Xarici İşlər Nazirliyi səviyyəsində özünün narahatlığını, narazılığını ifadə edibdir. Biz də bir partiya olaraq, bununla bağlı öz bəyanatımızı verdik, cənab Sədr. Mən  düşünürəm ki, bu gün Milli Məclisin də neytral sularda baş vermiş hadisəni pisləməklə bağlı xüsusi bəyanatına ehtiyac var. Bu, humanizmə, insanlığa və bəşəriyyətə qarşı dövlət səviyyəsində bir terrordur. Düşünürəm ki, buna qarşı bizim etiraz bildirməyimiz yerinə düşərdi.
İkinci, burada Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müxtəlif fikirlər, seçki komissiyalarının formalaşdırılması ilə bağlı müxtəlif rəylər ortalığa qoyuldu. Cənab Sədr, diqqətinizə çatdırmaq istərdim ki, qəbul edilmiş prinsipə uyğun olaraq, Yeni Azərbaycan Partiyası çoxluq təşkil edən bir partiya olaraq bütün seçki komissiyalarında vermiş olduğu namizədlərlə özünün yerini müəyyənləşdiribdir. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi partiya burada iki deputatla təmsil olunur. Özü də müstəqil olaraq seçki komissiyalarına namizədini veribdir və onlar da təsbit olunubdur. Ana Vətən Partiyası da, burada iki deputatla təmsil olunur. Lakin çox təəssüf ki, biz bir  deputatla təmsil olunan partiyalarla eyni şəkildə götürülürük və bu prosesə başqa formada qoşuluruq. Ona görə də ən ədalətli yanaşma bu olardı ki, boş qalan həmin o iki yerdən biri Ana Vətən Partiyasının ixtiyarına verilsin və biz bu məsələdə iştirak edək. Çox sağ olun.
Sədrlik edən. Görürsünüz, cəmi bir neçə dəqiqə bundan qabaq mən  bir də təklif elədim ki, bu məsələyə hamınız bir yerdə baxasınız. Artıq hərə başlayır  yorğanı öz üstünə dartmağa ki, bu yeri mənə verin. O biri ikisi də məktub yazıb ki, o yeri mənə verin. Yəni söhbət bundan gedir.  Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. İlk öncə mən Aralıq dənizində baş vermiş insidentlə əlaqədar fikrini bildirmək istərdim. Mən belə düşünürəm ki, Azərbaycan Respublikası Prezidentinin məlum bəyanatında Azərbaycan hökumətinin və cəmiyyətinin ümumiləşmiş fikrinin və mövqeyinin ifadə olunduğu hamıya aydındır. Güman edirəm ki, Azərbaycan parlamenti də Prezidentin bu mövqeyini birmənalı şəkildə dəstəkləyir və Azərbaycan hökumətinin mövqeyi olaraq təsbit edir.
Mən, əlbəttə, başqa bir məsələ ilə əlaqədar fikrimi çatdırmaq istəyirdim. Amma təəssüflə qeyd eləmək istəyirəm ki, bunu edə bilməyəcəyəm, çünki artıq burada bizim partiyamızın ünvanına atılmış daşa uyğun cavab vermək istəyirəm.
Seçkilər yaxınlaşır və təbii ki, hər bir siyasi təşkilat, o cümlədən də Yeni Azərbaycan Partiyası bu seçkilərə öz imkanları daxilində hazırlaşır. Müxalifət isə seçkilərə hazırlaşmaq, onsuz da az olan enerjisini seçkiyə hazırlığa sərf etmək əvəzinə yenə də səmərəsiz məşğuliyyətlə vaxtını keçirir.  Beynəlxalq təşkilatların verdiyi hesabatlar da göstərir ki, Azərbaycanda keçirilən seçkilər  Azərbaycan tarixinə Azərbaycan xalqının iradəsini ifadə edən səsvermə kimi düşübdür. Azərbaycanın bugünkü inkişafı, yeniləşməsi, müasirləşməsi və Azərbaycan vətəndaşları tərəfindən ölkə Prezidentinin siyasətinin dəstəklənməsi də bunun birmənalı şəkildə təsdiqidir. Azərbaycanda hər bir seçkinin nəticəsi Azərbaycan xalqı tərəfindən qəbul olunur və dəstəklənir. 
Müxalifətin seçkilərlə əlaqədar taktikasının seçki komissiyalarının formalaşmasının formatı üzərində qurulmasına gəlincə, mən bunun tamamilə səmərəsiz olduğunu qeyd eləmək istəyirəm. Dünyanın heç bir yerində seçki komissiyaları seçkinin taleyini həll etmir. Dünyanın heç bir yerində seçki komissiyalarında kimin olması seçkinin taleyini həll edən bir amil kimi nəzərdən keçirilmir. Yalnız Azərbaycanda  seçki komissiyalarının tərkibinin və ya formatının dəyişdirilməsi hər dəfə Azərbaycan müxalifətinin  seçki taktikasının və konsepsiyasının mərkəzində duran məsələyə çevrilir. 10 ildən çoxdur, Azərbaycanda hər dəfə seçki gələndə Azərbaycan müxalifəti tərəfindən “gəlin seçki komissiyalarının tərkibini,  seçki komissiyalarının formatını dəyişdirək” kimi çağırışlar,  bəyanatlar səsləndirilir. Demək lazımdır ki, bir neçə dəfə Azərbaycanda seçki komissiyalarının tərkibi dəyişib və yenə də nəticə eyni olub – Azərbaycan xalqı kimə istəyib, ona etimad  göstəribdir.
Müxalifət seçki komissiyalarının tərkibinin dəyişdirilməsi hesabına özünün itirilmiş nüfuzunu kompensasiya eləmək istəyir. Qeyd eləmək istəyirəm ki, Azərbaycan vətəndaşları buna razı deyillər. Ona görə də seçki komissiyalarından yox, özlərinin xalq içərisində itirilmiş nüfuzlarından onlar gərək narahatlıq keçirtsinlər. Seçki komissiyaları səmərəlidir, qanunauyğun fəaliyyət göstərirlər və ən əsası...
Sədrlik edən. Çox sağ olun. Müzakirələr sona çatdı. Ziyafət müəllim də söz istədi, çıxış eləsin, sonra keçək gündəliyə.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, mən də istərdim, bu məsələ ilə əlaqədar  fikrimi bildirim. Hörmətli cənab Sədr bayaq çox gözəl dedi ki, bizim parlamentdə 8 partiya  təmsil olunub. Mərkəzi Seçki Komissiyasında iki yerə nümayəndənizi müəyyənləşdirə bilmirsiniz.
Mən hesab eləmirəm ki, burada paritet məsələsini qaldıran müxalifət seçkilərin dürüst, ədalətli keçirilməsinin tərəfdarıdır. Mənim əlimdə faktlar var. Məsələn, 2009-cu il bələdiyyə seçkilərində irəli sürülən namizədlərin siyasi partiya mənsubiyyəti aşağıdakı kimi olub: 54,98 faiz – Yeni Azərbaycan Partiyası, 35,99 faiz – bitərəflər,  namizədlərin 1,03 faizinin siyasi partiya mənsubiyyəti göstərilməyib, 8 faizini isə 28 partiyanın üzvü olmaqla bütün müxalifət təşkil edib. Siz  28 partiya olaraq hələ 10 faiz toplaya bilmirsiniz. Siz bu komissiyaları necə təşkil edəcəksiniz?  Bu bir.
İkinci bir məsələ. 2008-ci il Prezident seçkilərində Mərkəzi Seçki Komissiyasına cəmi 6 şikayət daxil olub, o da yerlərdə prosedur pozuntuları ilə bağlı olub. Deməli, bu, faktdır ki, seçki komissiyalarının fəaliyyəti ilə bağlı bir şikayət daxil olmayıb. 2009-cu ildə keçirilmiş referendumda ölkə üzrə belə şikayətlərin  sayı cəmi 12 olubdur. O da  seçki komissiyalarının fəaliyyəti ilə deyil, yerlərdə müəyyən seçki pozuntuları ilə bağlı olub. Deməli, məsələ komissiyada deyil. Sizin dərdiniz başqa şeydir. Siz seçiləndən sonra 5 il yatırsınız, əhali ilə,  seçicilərlə işləmirsiniz. Üzr istəyirəm, dərsini oxumayan tələbə semestr boyu  yatır, imtahanlara, zaçotlara 5 gün qalmış başlayır qəhvə içməyə ki, yuxusu gəlməsin, hazırlaşsın. Onda da təzyiqi qalxır. Seçkiyə  yaxın sizin təzyiqiniz qalxır. Seçici ilə 5 il ərzində işləmək, hər gün işləmək lazımdır.
Digər bir məsələni qeyd edim. Mən niyə sizin səmimiyyətinizə inanmıram? 2000-ci ildə biz belə bir paritetə getdik. Çox böyük  təzyiqlər də var idi ki, siz buna gedin. İnsan haqları bürosunun sədri Jerar Ştudman  da bura gəldi. Yaratdıq pariteti, əlli əlliyə. MSK toplaşıb, müxalifət MSK-nın iclaslarına gəlmir. Prosessual müddətlər bizi sıxır, iş görmək lazımdır, müxalifət gəlmir. Mənim çox yaxşı yadımdadır, o vaxt ümummilli liderimiz Heydər Əliyev bütün partiyalara müraciət elədi ki, gəlin, MSK-nın işində iştirak edin. Gəlmədiniz.  Jerar Ştudman  Bakıya gəldi, Sizə müraciət elədi ki, gəlin, MSK-nın işində iştirak edin. Gəlmədiniz. Ondan sonra  biz Milli Məclis olaraq bu paritet məsələsini üçdəbir üçdəbirə çevirdik. Yəni sizin cığallığınızla bağlı presedent var. İndi biz bunu bilə-bilə və seçkinin məsuliyyəti iqtidarın üstündə ola-ola buna niyə getməliyik? Axı, seçki komissiyalarının, MSK-nın fəaliyyətindən də elə bir narazılıq yoxdur. Yəni bu tərkibdə də MSK normal fəaliyyət göstərir.
Mən yenə deyirəm, 28 müxalifət partiyası birlikdə bələdiyyəyə cəmi 8 faiz nümayəndə verirsə, bu, müxalifətin faciəsidir. Camaatla işləmək lazımdır. Hamı sizi atıb gedir. Siz əsas məsələni kənara qoyub  seçki komissiyalarından yapışmısınız. Məqsədiniz də seçkini pozmaqdır. Biz  buna gedə bilmərik. Ona görə çalışın, camaatla işləyin, camaatı öz tərəfinizə çəkin. Camaat  sizə tərəf gəlmir, ona görə ki, ölkədə bu qədər inkişaf var. Belə bir iqtidarı görən camaat  niyə sizə tərəf gəlməlidir? Bax,  sizin bəlanız burasındadır. Ona görə mən sizə məsləhət görürəm, bu məsələni qaldırmayın. Çünki bu məsələ sizin lehinizə işləmir. Siz artıq bir dəfə bunu təsdiq eləmisiniz, yəni belə bir presedent yaratmısınız. Ona görə də biz bu məsələyə gedə bilmərik. Çünki hər bir halda seçkinin məsuliyyəti iqtidarın üstündədir. Siz istəyirsiniz, sabah seçkilər pozulsun, desinlər,  görürsünüz, iqtidar seçkiləri keçirə bilmədi. Biz buna gedə bilmərik. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ  olun. Müzakirələr sona çatdı, keçirik gündəliyə. Gündəliyin  birinci məsələsi. “Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Bu gün bizim gündəlikdə  Azərbaycanın beynəlxalq əlaqələri üçün çox vacib sənədlər mövcuddur. Onların içərisində birinci sənəd “Azərbaycan Respublikası Hökuməti və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi arasında diplomatik, xidməti və xüsusi pasportlara malik  şəxslərin viza tələbindən  azad olunması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Siz bilirsiniz ki, biz parlamentdə  bu istiqamətdə artıq bir neçə qanun və qərar qəbul etmişik.  Azərbaycan vətəndaşları müxtəlif ölkələrə, o cümlədən Avropa Birliyi dövlətlərinə vizasız getmək imkanı əldə etməkdədirlər. Bu sazişlə biz Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinə vətəndaşlarımızın nəinki diplomatik pasportla, hətta xüsusi və xidməti pasportlarla  vizasız gediş-gəlişini təmin edirik. Bu özü-özlüyündə çox vacib və əhəmiyyətli bir məsələdir.
Bu yaxınlarda Liviyanın səfiri Azərbaycanda idi,  cənab Prezidentə öz etimadnaməsini təqdim edirdi. Biz onunla görüşdük. O birmənalı olaraq bildirdi ki, Azərbaycanla Liviya arasında olan münasibətlər hər iki ölkənin ən yüksək səviyyədə əlaqələrinin təşkil olunmasını zəruri edir və Liviya bundan ən yüksək səviyyədə bəhrələnmək əzmindədir.
Biz, təbii ki, açıq bir ölkə kimi belə bir sazişin bağlanmasına tərəfdarıq. Bu həm Azərbaycan vətəndaşlarının Liviyaya,  həm də Liviya vətəndaşlarının Azərbaycana səfərlərini asanlaşdıracaq, əlaqələr qurmaq üçün əlverişli şərait yaradacaq. Bu qəbildən olan dövlətlərarası anlaşmalar  Azərbaycan iqtisadiyyatının, mədəniyyətinin, təhsil sisteminin  və təbii ki, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişafına xidmət edir. Ona görə  bizim komissiya bu layihənin Milli Məclisin müzakirəsinə verilməsini yekdilliklə tövsiyə etmişdir. Həmkarlarımdan xahiş edirəm, onun təsdiq olunmasına müsbət münasibət bildirsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, möhtərəm Sədr. Bu məsələ ilə əlaqədar olaraq bir şeyi qeyd etmək istərdim. Bu yaxınlarda biz  Azərbaycan Respublikasının nümayəndə heyəti tərkibində Qətərdə Doha beynəlxalq forumunda iştirak etdik və orada bir sıra ərəb ölkələrinin nümayəndələri – dövlət xadimləri, ekspertləri, alimləri ilə ünsiyyətdə olduq. Həqiqətən, Azərbaycanın dövlət maraqlarının və mənafelərinin qorunması, təbliğ edilməsi və xüsusən Qarabağ məsələsində Azərbaycanın haqlı mövqelərinin dünya ictimaiyyətinə, o cümlədən ərəb ölkələri ictimaiyyətinə çatdırılması üçün bu cür ünsiyyətə böyük ehtiyac vardır. Yeri gəlmişkən, Doha forumunda Qarabağ məsələsi ilə əlaqədar deputat həmkarımız Qənirə Paşayevanın çox ciddi və çox səmərəli  fəaliyyətini mən burada qeyd etməyə bilmərəm. Hesab edirəm ki, bu hər bir Azərbaycan deputatının, Milli Məclis üzvünün, hər bir Azərbaycan vətəndaşının borcudur.
Bir məsələni də qeyd edim. Səhv etmirəmsə, biz Qətər Hökuməti ilə də belə bir müqaviləni Milli Məclisdə  təsdiq etmişik. Lakin buna baxmayaraq, Qətərlə  viza məsələləri yenə saxlanmaqdadır. Əlbəttə, bilirik ki, bu məsələlərin həyata keçirilməsi təkcə Azərbaycan tərəfindən asılı olmur. Ona görə xahiş edərdik ki, müvafiq komissiya burada qəbul etdiyimiz bu qərarların qarşı ölkə tərəfindən də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xətti ilə mümkün qədər tez bir müddətdə təsdiq edilməsinə nail olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah Hüseyn,  həqiqətən, bizim millət vəkilləri hər dəfə xaricə gedəndə  özlərini belə aparırlar. Gəzmək naminə getmirlər. Mən çox şadam ki, bunun şahidi olmusan. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Təşəkkür edirəm, cənab Sədr. Mən də  müzakirəyə təqdim olunmuş bu qanun layihəsinin təsdiq edilməsinin tərəfdarıyam. Cənab Sədr, bu yaxınlarda Liviyanın səfiri Azərbaycana gələndə bizim parlamentin Azərbaycan–Liviya dostluq qrupunun və eyni zamanda, Şərqşünaslıq İnstitutunun rəhbəri kimi mən də onunla görüşdüm. O bizim Şərqşünaslıq İnstitutunda da oldu, tədqiqatlarımızla tanış oldu.  Azərbaycanda  ərəbşünaslıq sahəsində aparılan tədqiqatlar onu valeh etdi. O bildirdi ki, Liviya həmişə Azərbaycanla əməkdaşlıq etməyə can atır.
Liviya bu gün Afrikanın ən böyük ölkələrindən biridir və hətta  Afrika İttifaqı deyilən təşkilatın rəhbərliyini  öz üzərinə götürərək bir növ bütün Afrika ölkələrinə  gələcək inkişaf yolunu göstərir. Bu gün Liviya bütün dünyaya açılıbdır. Avropa ölkələri ilə səmərəli əməkdaşlıq edən bu ölkə, təbii ki, keçmiş SSRİ-yə daxil olan ölkələrlə və o cümlədən  Qafqazın lider ölkəsi olan Azərbaycanla da  hər səviyyədə əməkdaşlıq etməyə  can atır. Onlar bizimlə hər cür əməkdaşlığa hazırdırlar. Mən hesab edirəm ki, Afrikanın belə bir böyük ölkəsi  ilə əməkdaşlıq etmək bizim  ölkəmizin də marağındadır.
Onu da nəzərə alaq ki, liviyalılar ərəbdirlər və ərəb xalqı ilə Azərbaycan xalqı arasında  din birliyi, tarixi mədəniyyət birliyi  mövcuddur. O xalq bir çox cəhətdən bizə bənzərdir, oxşardır. Onlar beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqlarını daim müdafiə ediblər. Xüsusən Qarabağ məsələsində onların mövqeyi həmişə birmənalı olub.
Bütün bunları nəzərə alaraq,  hesab edirəm ki, bu ölkə ilə istənilən səviyyədə müqavilələr  bağlanmalı və o cümlədən bu gün müzakirəyə təqdim olunan qanun layihəsi təsdiq olunmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Səsə qoymaqdan əvvəl mən qeyd etmək  istərdim ki, bu gün bizim iclasda  Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini, Azərbaycanın, Azərbaycan parlamentinin dostu cənab Fiorello Provera qonaq qismində iştirak edir. Mən istərdim,   Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanın haqq işinə göstərdiyi böyük dəstəyə görə biz ona öz minnətdarlığımızı, təşəkkürümüzü bildirək. (Alqışlar.)
Sədrlik edən. İndi, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri                        (saat 12.50 dəq.)Lehinə                                                                       110
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs vermədi                                                                  0
İştirak edir                                                                  110
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi  haqqında” Protokolun təsdiq edilməsi barədə. Buyursun Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, cənab Sədr. Mən də Sizin dediklərinizə qoşularaq cənab Proveranı salamlayıram. Xoş gəlib, səfa gətirib. Cənab Provera  obyektivliyi ilə seçilən və Avropa dəyərlərini müdafiə edən şəxslərdən biridir. Əvvəllər Avropa Şurasının Parlament Assambleyasında işləyərkən həmişə Azərbaycan nümayəndə heyəti ilə sıx təmasda olan  dostumuzu burada görməkdən biz çox şadıq.
Əziz dostlar, gündəlikdəki növbəti məsələ “Asiyada Qarşılıqlı Əlaqəyə və Etimadyaratma Tədbirlərinə dair Konfransın Katibliyinin Nizamnaməsində dəyişiklik edilməsi  haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Bu, əslində, texniki məsələdir. Nədən ibarətdir bu texniki məsələ? Qazaxıstanda yerləşən Katiblik Almatı şəhərində idi. Ancaq siz bilirsiniz ki, Qazaxıstanın paytaxtı artıq Astana şəhərində yerləşir. Bu saat Astana çox sürətlə inkişaf edir və səfirliklərin əksəriyyəti Almatıdan Astanaya köçür. Ona görə bütün üzv ölkələr razılaşıb ki, Nizamnamədə dəyişiklik edilsin və konkret olaraq yazılsın ki, “Katiblik Almatı və ya Astana şəhərlərində yerləşəcək”. Bu, texniki dəyişiklikdir. Ancaq biz bu texniki dəyişikliyə çox vacib məna veririk, ona görə ki, paytaxt Astanadır və  bu təşkilatın katibliyi mütləq Astanada yerləşməlidir. Diqqətinizə görə sağ olun. 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Səsə qoyaq? Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri                        (saat 12.53 dəq.)
Lehinə                                                                      101
Əleyhinə                                                                      0
Bitərəf                                                                         0
Səs vermədi                                                                 0
İştirak edir                                                                 101
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikası Prezidentinin və Estoniya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin hər bir ölkəyə rəsmi səfəri zamanı bu cür birgə bəyannamələr imzalanır. Bu bəyannamələr Azərbaycanın xarici və daxili siyasətində ən vacib məqamları  əhatə edir. Bu nöqteyi-nəzərdən bu bəyannamə də çox vacib və əhəmiyyətlidir. Azərbaycan Respublikası Prezidentinin Estoniya Respublikasına rəsmi səfəri zamanı imzalanmış bu birgə bəyannamə Azərbaycanın bütün maraqlarına cavab verən bir sənəddir. Mən hörmətli millət vəkillərinin  diqqətini xüsusilə bir bəndə cəlb etmək istəyirəm. Burada yazılıb: “Tərəflər Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsipləri və normaları, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Lissabon Sammitinin üç prinsipinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə həll olunmasının vacibliyini vurğulayırlar”.
Bu, Azərbaycanın bütün maraqlarını təmin edən, eyni zamanda, Azərbaycanın Avropaya inteqrasiyasına böyük təkan verəcək bir bəyannamədir. Ona görə ki, Estoniya kiçik dövlət olmasına baxmayaraq, Avropa Birliyinin çox böyük təsirə və nüfuza malik olan bir ölkəsidir. Ona görə, təbii ki, belə bir bəyannaməni bu gün parlamentdə təsdiq etmək bizim üçün çox vacib və əhəmiyyətlidir. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Səməd müəllim, çox sağ olun. Əgər təkid edən yoxdursa, buyurun, münasibət bildirək.  

Səsvermənin nəticələri                        (saat 12.56 dəq.)
Lehinə                                                                       104
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs vermədi                                                                  0
İştirak edir                                                                  104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında diplomatik pasporta malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Məlumat verir Səməd Seyidov. Buyurun, Səməd müəllim.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Azərbaycanın iqtisadiyyatı, onun dünya ölkələri ilə yaratdığı əlaqələr, ölkəmizdə gedən proseslər Azərbaycanı cəlbedici bir məkana çevirir. Bu nöqteyi-nəzərdən Avropa üçün Azərbaycan çox cəlbedici, vacib, strateji əhəmiyyət daşıyan bir ölkəyə çevrilmişdir. Vaxt var idi, biz Avropa ilə əlaqələr yaratmaq üçün çox böyük cəhdlər göstərirdik. İndi də bu cəhdlərin göstərilməsi çox vacibdir. Ancaq sevindirici hal ondan ibarətdir ki, bizim Avropaya tərəf getdiyimiz yol artıq ikitərəfli yola çevrilmişdir. Bu saat Avropa ölkələri də Azərbaycanla bir çox sahələrdə əlaqələr qurmağa, ölkələrimiz arasında  vizaların aradan qaldırılmasına maraq göstərirlər.
Hörmətli həmkarlarım, yəqin, yadınızdadır, bir neçə müddət bundan əvvəl biz diplomatik pasportlar malik olan şəxslərin Fransa Respublikasına vizasız gediş-gəlişini müzakirə etdik və bu barədə müvafiq qanun qəbul etdik. Biz bu saat başqa bir Avropa ölkəsi –  Estoniya ilə imzalanmış belə bir sazişi ratifikasiya etmək ərəfəsindəyik. Təbii ki, belə sazişlərin təsdiq edilməsi bizim üçün çox vacibdir. Gələcəkdə xüsusi və xidməti pasportlara malik şəxslər üçün də viza tələbinin ləğv edilməsi məqsədəmüvafiqdir və inşallah, bu  da mütləq olacaqdır. Bu gün isə diplomatik pasportlara malik şəxslərin Estoniyaya vizasız gediş-gəlişini təşkil etmək və buna müsbət münasibət bildirmək çox vacib və əhəmiyyətlidir. Ona görə mən həmkarlarımdan bu layihəyə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm.

Səsvermənin nəticələri                        (saat 12.59 dəq.)
Lehinə                                                                       103
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs vermədi                                                                  0
İştirak edir                                                                  103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Buyurun, Çingiz müəllim Əsədullayev.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, dövlətimiz bir sıra xarici ölkələrlə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında müvafiq sazişlər imzalamış və onlar tərəfimizdən təsdiq edilmişdir. Bu gün müzakirəyə təqdim olunmuş  “Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin əsas məqsədi ölkələrimiz arasında sərmayə qoyuluşlarının qorunması, dövlətlərimizin sərmayəçilərinə qarşılıqlı, əlverişli şəraitin yaradılmasıdır. Təbii ki, belə bir sazişin qəbul edilməsi ölkələrimiz arasında mövcud olan iqtisadi münasibətlərin daha da inkişaf etməsinə xidmət etməklə hər iki dövlətin maraqlarına cavab verəcəkdir. Bu saziş komitəmizdə müzakirə olunmuş və yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim. Səməd müəllim, əlavəniz yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri                        (saat 13.01 dəq.)
Lehinə                                                                       104
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs vermədi                                                                  0
İştirak edir                                                                  104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və  Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov. Valeh müəllim, buyurun.
V.Ələsgərov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli Milli Məclisin deputatları, adı çəkilən saziş təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1-166 saylı 2010-cu il 24 may tarixli məktubu ilə Milli Məclisə təqdim edilmişdir. Milli Məclisin müvafiq komitələri onu müzakirə edərək, təsdiq etmək üçün sizin müzakirənizə çıxarmağı tövsiyə etmişdir.
Bu cür sazişlər Azərbaycan hökuməti ilə bir sıra hökumətlər arasında artıq bağlanıbdır, fəaliyyətdədir. Yəqin ki, belə sazişlər zaman keçdikcə yeni-yeni ölkələr və ola bilsin, beynəlxalq qurumlarla da imzalanacaqdır. Məqsəd də, gördüyünüz kimi, həm təcrübə və bilgi mübadiləsi, həm də lazım olan hallarda ölkələr arasında bir-birinə yardım edilməsidir. Əminəm ki, burada sual və ya  etiraz doğura bilən elə bir məqam yoxdur. Deməli, geniş izaha da ehtiyac yoxdur. Ona görə təklifim ondan ibarətdir ki, bu sazişi qəbul edək və “xeyirli olsun” deyək. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Mən də hesab edirəm ki, Valeh müəllimin təklifinə qoşulmaq lazımdır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri                        (saat 13.03 dəq.)
Lehinə                                                                       103
Əleyhinə                                                                       0
Bitərəf                                                                          0
Səs vermədi                                                                  0
İştirak edir                                                                  103
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında yardım xidmətlərinin göstərilməsinə dair” Anlaşma Məktubunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Məlumat verir İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev. Buyurun, Çingiz müəllim.
Ç.Əsədullayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, Azərbaycan Respublikası 1992-ci il 2 mart  tarixində Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilmişdir və  hazırda BMT-nin bir çox  qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Bu da öz növbəsində müxtəlif layihə və proqramlar sayəsində yaşayış  standartlarının yüksəlməsinə və iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.
Bu gün müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında yardım xidmətlərinin göstərilməsinə dair” Anlaşma Məktubu cari il fevral ayının 15-də Azərbaycan Respublikası Hökuməti  adından Abid Şərifov və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı adından Bruno Pueza tərəfindən imzalanmışdır. Anlaşma Məktubunun əsas məqsədi  Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Respublikasında dövlət qurumları tərəfindən icra olunan proqram və layihələrinə  BMT-nin İnkişaf Proqramının ölkə nümayəndəliyinin yardım xidmətləri göstərməsindən  və bununla bağlı olan hər hansı bir problemin həllindən ibarətdir.  Bu sənəd komitəmizdə yekdilliklə bəyənilərək, Milli Məclis tərəfindən təsdiq olunması məqsədəuyğun hesab edilmişdir. Bu sənəd hər iki tərəfin maraqlarına cavab verir və tərəfimizdən təsdiqlənməsi zəruridir.  Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olunacaq? Buyurun, münasibət bildirək.

                    Səsvermənin nəticələri                        (saat 13.06 dəq.)
                    Lehinə                                                                         99
                    Əleyhinə                                                                       0
                    Bitərəf                                                                          0
                    Səs vermədi                                                                  0
                    İştirak edir                                                                    99
                    Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. Məlumat verir Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov.
Ə.Hüseynov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Sağ olun, hörmətli Ziyafət müəllim. Bilirsiniz ki, İnzibati Prosessual Məcəllə inzibati məhkəmələrin fəaliyyətini tənzimləyən bir məcəllədir. Prinsip etibarilə “İnzibati icraat haqqında” Qanun da qəbul olunub və qüvvədədir. Amma həyata keçirdiyimiz məhkəmə-hüquq islahatlarının indiki mərhələsində inzibati hakimlərin təyinatı, onların fəaliyyətə başlaması bir sıra maddi-texniki məsələlərin həlli ilə də bağlıdır. Ona görə Məhkəmə-Hüquq Şurasının təklifi belə olub ki, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilsin və İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsi 2011-ci il yanvar ayının 1-dək təxirə salınsın. İnanıram ki, 2011-ci il yanvar ayının 1-də inzibati məhkəmələr real fəaliyyət göstərməyə başlayacaqlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim izah elədi. Mən hesab edirəm ki, bu, müzakirəyə ehtiyacı  olmayan bir məsələdir. Xahiş edirəm, münasibət bildirək.

                    Səsvermənin nəticələri                        (saat 13.08 dəq.)
                    Lehinə                                                                      103
                    Əleyhinə                                                                      0
                    Bitərəf                                                                         0
                    Səs vermədi                                                                 1
                    İştirak edir                                                                 104
                    Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün seçilməsi haqqında. Hörmətli deputatlar,  sizə artıq sənədlər paylanıb. Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi hörmətli Əli Əhmədov tərəfindən Milli Məclisə müraciət məktubu daxil olub. Həmin məktubda göstərilir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq və Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 2010-cu il 31 may tarixli iclasının qərarına əsasən Əliyev Şaitdin Sərdar oğlu Yeni Azərbaycan Partiyasını Mərkəzi Seçki Komissiyasında təmsil edən MSK üzvü seçilmək üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Bu məktuba  protokol və Şaitdin müəllimin tərcümeyi-halı  əlavə olunub. Bundan əlavə Şaitdin müəllim uzun müddət Milli Məclisin deputatı olub. Müzakirəyə ehtiyac varmı? Buyurun, münasibətinizi bildirin, xahiş edirəm.

                    Səsvermənin nəticələri                        (saat 13.10 dəq.)
                    Lehinə                                                                      104
                    Əleyhinə                                                                      0
                    Bitərəf                                                                         0
                    Səs vermədi                                                                 0
                    İştirak edir                                                                 104
                    Nəticə: qəbul edildi

Şaitdin müəllim, Sizi təbrik edir,  işinizdə yeni uğurlar arzulayırıq! Sağ olun.
Növbəti məsələ. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında  Azərbaycan Respublikası qanununun layihəsi  barədə. İcazənizlə, bu qanun layihəsini mən təqdim edəcəyəm.
Hörmətli deputatlar, hörmətli qonaqlar, dəvət olunmuş şəxslər! Bildiyiniz kimi, Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, habelə  belə hallarda xilasetmə və bərpa işlərinin vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Nazirliyin fəaliyyətinin təşkil edilməsi üçün ölkə başçısı tərəfindən bir sıra texniki və  təşkilati məsələlər həll edilmiş, habelə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 aprel tarixli Fərmanı ilə Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsi, strukturu və büdcədən maliyyələşdirilən işçilərinin say həddi təsdiq edilmişdir.
Hörmətli həmkarlar, ədalət naminə qeyd etməliyəm ki, nazirliyin fəaliyyətinin təşkili istiqamətində qısa müddət ərzində çox işlər görülmüş, ayrı-ayrı xidmətlərin əsasnamələri, strukturu təsdiq edilmiş, fəaliyyətlərinin əlaqələndirilməsi təmin edilmişdir. Nazirliyin maddi-texniki və normativ-hüquqi bazasının  möhkəmləndirilməsi, kadr təminatı, işçilərin peşə hazırlığı istiqamətində məqsədyönlü iş aparılmışdır.  Nazirliyin işini qurmaq üçün mümkün olan nə varsa, bütün işlər görülmüşdür.
Onu da qeyd etmək lazımdır ki, Fövqəladə Hallar Nazirliyində xidmətkeçmə respublikanın hüquq mühafizə, ədliyyə, prokurorluq, hərbi və digər orqanlarındakından fərqli xüsusiyyətlərə malikdir. Belə ki, nazirlik yaradılarkən Müdafiə Nazirliyinin müdafiə qoşunları, Daxili İşlər Nazirliyinin yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qurumu bu nazirliyin tabeliyinə verilmiş, nazirliyin fəaliyyət istiqamətinə uyğun yeni xidmət sahələri yaradılmışdır. Beləliklə, bu gün nazirlikdə qulluqkeçmə hərbi qulluqçuların, əsasən, mülki müdafiə qoşunları, xüsusi rütbəlilərin, əsasən, yanğından mühafizə və dövlət yanğın nəzarəti xidmətləri, eləcə də dövlət qulluqçularının, əsasən, nazirliyin dövlət agentliklərinin və xidmətlərinin aparatlarında çalışanların qulluğundan ibarətdir.
Müzakirənizə təqdim olunan layihədən göründüyü kimi, nazirlik sistemində xidmət edən hərbi qulluqçuların xidmət keçməsi mövcud hərbi qanunvericiliklə, dövlət qulluqçularının qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi ilə tənzimlənir. Lakin nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin əksəriyyətinin  fəaliyyətinin qanunvericilik  aktı ilə tənzimlənməsinə ehtiyac yaranmışdır. Elə bu məqsədlə də bu gün həmin Əsasnamə sizin müzakirənizə təqdim olunur.
Layihə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə tövsiyə olunmuş və 2010-cu ildə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində geniş müzakirə olunmuşdur. Qanun layihəsi 7 fəsil və 36 maddədən ibarətdir. Layihə hazırlanarkən bir sıra ölkələrin, habelə Azərbaycan Respublikasının xüsusi rütbələr nəzərdə tutulmuş müvafiq qurumlarında, əsasən, polis, gömrük və ədliyyə orqanlarında xidmətkeçmənin qaydaları və şərtlərini və xidmət keçən şəxslərin hüquqi vəziyyətinin əsaslarını müəyyən edən qanunvericilik aktlarından istifadə edilmişdir.
Layihənin “Ümumi müddəalar” adlı I fəslində fövqəladə hallar orqanlarında xidmətkeçmənin xüsusiyyətləri, xidmətkeçmənin hüquqi əsasları, habelə qanunun tətbiq sahəsi öz əksini tapmışdır. Maraq doğuran cəhət ondan ibarətdir ki, bu qanun layihəsinin Fövqəladə Hallar Nazirliyinin təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə də şamil ediləcəyi nəzərdə tutulmuşdur.
Layihənin II fəsli fövqəladə hallar orqanlarında xidmətə qəbul, vəzifəyə təyin və vəzifədən azad etmək ilə bağlı müddəaları özündə əks etdirir. Təqdirəlayiq haldır ki, bu orqanlarda xidmətə qəbul zamanı vətəndaşların Azərbaycan Respublikasının dövlət dilini, yəni Azərbaycan dilini sərbəst bilməsinə xüsusi önəm verilir.  Fövqəladə hallar orqanlarında ilk dəfə xidmətə qəbul edilən sıravi heyət və kiçik hərbi heyət, əsasən, yanğınsöndürənlər və xilasedicilər üçün 3 aydan 6 ayadək sınaq müddəti müəyyən edilmiş və bu müddət ərzində onlara nazirlik tərəfindən ilkin hazırlıq keçilməsi, habelə bu müddət ərzində onların sosial müdafiəsi üçün müvafiq tədbirlər görülməsi nəzərdə tutulmuşdur.
Layihənin III fəslində fövqəladə hallar orqanlarında xidmətkeçmənin şərtləri, yəni əməkdaşların hüquq və vəzifələri, xidmətlə bir araya sığmayan hərəkətlər, əməkdaşların peşəkar hazırlığı və attestasiyası, iş və istirahət, məzuniyyətlə bağlı məsələlər, xidmətkeçmənin yaş həddi və   xidmətkeçmə ilə bağlı digər məsələlər öz əksini tapmışdır. Maraqlıdır ki, bu fəsildə xidmətkeçmənin son həddi sıravi və kiçik rəis heyəti hesab olunan əməkdaşların pensiya hüququ əldə etməsi üçün kifayət etmədikdə müəyyən güzəştlər nəzərdə tutulur.
Layihənin IV fəslində fövqəladə hallar orqanları əməkdaşları üçün müəyyən edilən xüsusi rütbələr və onların verilməsi qaydası müəyyən edilmişdir. Bu zaman diqqəti cəlb edən məsələlər, əsasən, nəzərə alınmış və nazirlikdə xidmətkeçmənin spesifikliyinə xüsusi fikir verilmişdir.
Layihənin V fəslində fövqəladə hallar orqanları əməkdaşlarının hüquqi və sosial müdafiəsi, habelə maddi təminatı ilə bağlı məsələlərə geniş yer ayrılmışdır. Belə ki, layihədə fövqəladə hallar orqanları əməkdaşlarının həyat və sağlamlığının dövlət büdcəsinin vəsaiti hesabına icbari  sığorta edilməsi, pulsuz tibbi xidmət və əməkdaşların müalicəsinin nazirliyin tibb xidməti tərəfindən həyata keçirilməsi mümkün olmadıqda bir orta aylıq əmək haqqı məbləğində müalicə üçün birdəfəlik müavinət verilməsi, əməkdaşların xidmət yerinin dəyişdirilməsi ilə bağlı mənzil məsələsinin həlli, xidməti vəzifələrin yerinə yetirilməsi zamanı həlak olmuş, əlil olmuş və xidmətinə xitam verilmiş əməkdaşların və onların ailə üzvlərinin sosial təminat məsələləri, habelə əməkdaşlara imtiyazlı ödənilməsi şərti ilə sanatoriya, kurort xidmətləri göstərilməsi və sair məsələlər öz əksini tapmışdır.
Qanun layihəsində fövqəladə hallar orqanları əməkdaşlarının pul təminatı ilə bağlı məsələlər ölkə üzrə mövcud normativ hüquqi aktlara uyğun olaraq işlənilmiş, eyni zamanda, bu sahədə qanunun predmeti olmayan məsələlərin gələcəkdə tənzimlənməsi üçün fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur.
Layihənin VI fəslində fövqəladə hallar orqanları əməkdaşlarının həvəsləndirilməsi və onların məsuliyyəti mövcud qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
Nəhayət, VII fəsildə fövqəladə hallar orqanlarında xidmətkeçməyə xitam verilməsi və fövqəladə hallar orqanlarına bərpa edilmə məsələləri öz əksini tapmışdır.
Hörmətli deputat həmkarlarım, hesab edirəm ki, bizə təqdim olunmuş qanun layihəsi xüsusilə bu günün ruhu ilə uzlaşan çox mühüm bir sənəddir və ona görə də mən sizi müzakirələrdə fəal iştirak etməyə və bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Təşəkkür edirəm, sağ olun.
İndi isə qanun layihəsinin müzakirəsinə başlayırıq. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli  Ziyafət müəllim. Qanun layihəsi ilə bağlı ətraflı məlumat verdiniz. Bizim komitədə də bu, geniş şəkildə müzakirə olundu. Qanun layihəsi çox əsaslı şəkildə hazırlanmışdır. Burada bir sıra qanunlardan istifadə olunmuş və eyni zamanda, bir çox yeniliklər də öz əksini tapmışdır. Bu qanun layihəsini  konseptual baxımdan əsas kimi qəbul edə bilərik. Hətta mən belə bir təklif irəli sürürəm ki, onu üç oxunuşda birbaşa qəbul edək. Çünki qanun  həm dil üslubundan, həm də yaradıcılıq baxımından çox yaxşı yazılıbdır. Qanunun fəlsəfəsi də bu gün çox xeyirxah bir əmələ xidmət edir. Ona görə də imkan olsa, bunu üç oxunuşda birdəfəlik qəbul edək ki, fövqəladə hallar orqanlarında  çalışan insanlar öz fəaliyyətlərini bunun əsasında davam etdirsinlər.
Fövqəladə Hallar Nazirliyi qısa müddətdə yaranmasına baxmayaraq,  Azərbaycanda çox böyük işlər görülüb, onun çox böyük maddi-texniki bazası yaradılıbdır. On illərlə təcrübəsi olan nazirlikdən daha üstün şəkildə   fəaliyyət göstərir. Bu yaxınlarda Azərbaycanın başına gələn bəla, yəni sellə əlaqədar fövqəladə hallar orqanlarının bu selə qarşı mübarizədə bütün qüvvələri səfərbər etməsinin şahidi olduq. 
Bir məsələni mən xüsusi qeyd etmək istəyirəm. Bu qanunda göstərilib  ki, Fövqəladə Hallar Nazirliyinə daxil olan insanlar Azərbaycan dilini mükəmməl bilməlidirlər. Çox gözəl müddəadır. Mən hesab edirəm ki, bu müddəa digər qanunlarımızda da öz əksini tapmalıdır. Öz dilini bilməyən, təbii ki, millətinə, dövlətçiliyinə də öz sədaqətini nümayiş etdirə bilməz.
Ziyafət müəllim, bir qədər haşiyəyə çıxıb qeyd edim ki, mən bir dəfə burada türk dili, türk serialları ilə əlaqədar məsələ qaldırmışdım. İndi bir də deyirəm ki, türk dilinin Azərbaycanda tərcüməsinə ehtiyac yoxdur. Türk dili ilə Azərbaycan dili eyni bir ağacın iki budağıdır. Buna görə də mən hesab edirəm ki, türk dilinin tərcümə olunması haqqında qərara biz öz dəyişikliyimizi etməliyik. Azərbaycan dili Azərbaycanın dövlət dilidir, türk dili də Azərbaycan dilinin qardaşıdır. Ona görə də iki qardaş arasında tərcüməçiyə ehtiyac yoxdur.
Mən bu qanun layihəsinə tam şəkildə dəstək verirəm və onun qəbul olunmasına tərəfdaram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, arayış üçün bildirim ki, bizim bugünkü iclasımızda Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Maliyyə-İqtisadiyyat Baş İdarəsi rəisinin müavini Arif Həmzəyev və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Hüquq İdarəsinin rəisi Nərgiz Yusubova iştirak edirlər. Əgər onlara da sualınız olsa, verə bilərsiniz. Vahid müəllim, deyəsən, Sizin  sualınız vardı, buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Qanun layihəsinə   iradım yoxdur, səs verəcəyəm. Amma Ziyafət müəllim, bir məsələyə aydınlıq gətirmək istərdim. 4.15-ci maddədə yazılır ki, fövqəladə hallar orqanlarının əməkdaşları hərbi xidmətə çağırılmır və hərbi uçotdan çıxarılaraq müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınırlar. Bu, fövqəladə hallar orqanlarının bütün əməkdaşlarına şamil edilir, yoxsa müəyyən hərbi hissələrlə əlaqədar olanlara? Çünki burada çox böyük miqdarda insanlardan söhbət gedir.
Sədrlik edən. Mən sizə bir şey deyim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəli?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofonu verin, sualını tamamlasın. Buyurun. 
V.Əhmədov. Bu bəndi bura əlavə etməklə faktiki olaraq  fövqəladə hallar orqanlarına silahlı qüvvələr statusu veririk.  Nəyə görə deyirəm? İnstitutu qurtaran, hərbi xidmətə çağırılmayan tələbə Fövqəladə Hallar Nazirliyində işə düzəlir və hərbi xidmətə çağırılmır. İnstitutu qurtaran yüzlərcə müdavim ola bilər. Bu hallar necə olacaq? Yəni faktiki olaraq biz Fövqəladə Hallar Nazirliyində işləyən xadimədən tutmuş ta  yuxarı rütbələrdə çalıçanlara qədər heç kimi hərbi xidmətə çağıra bilmərik. Çox sağ olun.
Sədrlik edən. Aydındır. Vahid müəllim, əvvəla, Fövqəladə Hallar Nazirliyi hərbi orqan deyil, xahiş edirəm, status məsələsində, gəlin, bir az diqqətli olaq.
Siz deyən məsələyə gəldikdə isə bu qanun layihəsində belə bir maddə var ki, əsgəri xidmətdə olmayan şəxslər Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilmirlər. Etibar müəllim, elədir, elə deyil?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu, məsələnin bir tərəfi. İkinci bir tərəfdən, Fövqəladə Hallar Nazirliyinin özündə əsgəri xidmət keçmək üçün müdafiə qoşunları, digər orqanlar var. Yəni həm də orada xidmət keçirlər. Hərbi xidmət keçməyən isə ora çağırılmır. Bax, ona görə də tamamilə yerində olan məsələdir. Etibar müəllim, əlavəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu, çox sağ olun. Elmira Axundova təkid edir. Yəqin, maraqlı təklif verəcək. Buyurun, Elmira xanım.
E.Axundova. Mən başa düşmürəm, biz növbədənkənar sessiyanı nəyə görə çağırmışıq? Durub indi dağılışaq? Fasiləyə yarım saat  var, kim danışır, danışsın da. Bəzi qeydlərimiz də var, sözümüz də.
Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanun layihəsini çox aktual və vacib bir sənəd sayıram. Bu sənəd həmin strukturda xidmət keçən, çalışan çoxsaylı şəxslərin hüquqi vəziyyətini tənzimləyir. Sənəd çox dolğun və əhatəlidir. Demək olar ki, bu qurumda çalışan əməkdaşların bütün fəaliyyətini əhatə edir. Hətta mən deyərdim ki, qanun layihəsi üçün xırda görünən texniki detallar da burada təfərrüatı ilə əks olunub. Məsələn, fövqəladə hallar orqanları əməkdaşının şəxsi işinə hansı sənədlər daxildir, xidməti vəsiqələrində nə və necə yazılır və sair. Mən düşünürəm ki, belə məsələlər bəlkə də qanun layihəsi üçün çox xırdadır və bunlar daxili nizamnamə ilə tənzimlənə bilərdi.
Bir də, III fəsildə fövqəladə hallar orqanları əməkdaşlarının hüquqları sadalanarkən 9.0.5-ci bənddə yazılıb ki, onlar elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Mən “Miqrasiya xidməti haqqında” Qanun  müzakirə edilərkən buna qarşı çıxmışdım. İndi də bu mövqedəyəm ki, Fövqəladə Hallar Nazirliyində böyük məsuliyyət və gərgin iş rejimi tələb edən bir sahədə çalışaraq elmi fəaliyyətlə məşğul olmaq, yəni namizədlik və doktorluq dissertasiyası yazmaq qeyri-mümkündür. Gəlin, səmimi danışaq. Ən yaxşı halda hər hansı bir işçi, məmur bu dissertasiyanı başqasına pulla yazdıracaq. Ona görə də mən 9.0.5-ci maddədə, heç olmasa, “elmi” sözünü ixtisar etməyi məqsədəuyğun sayardım. Eyni sözü 11.1-ci maddədən də çıxarmaq olar, çünki bu bəndlər Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi üçün ancaq və ancaq baş ağrısına çevriləcək. Ümumiyyətlə, mən bu qanunu bəyənirəm və ona  səs verəcəyəm.
Fürsətdən istifadə edib Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında bir neçə kəlmə demək istərdim. Bu mənim seçicilərimin xahişidir. Bu dövlət orqanının digərlərinə nisbətən təzə yaranmasına baxmayaraq, bu qurum respublikanın həyatında mühüm rol oynamağa başlayıb. Əslində, indi respublikamızı bu qurumsuz təsəvvür etmək çətindir. Ən ağır, ən ekstremal vəziyyətdə bu dövlət orqanının işçiləri xalqın yanında olur, əhalini daha böyük bəlalardan qurtarırlar.
Masallı rayonunu misal gətirə bilərəm. Keçən ilin sentyabr ayında daşqınlar nəticəsində rayonumuzda həyət-bacaları su basmış, bəndlər aşmışdı. Ondan qabaq da rayonun Giltəpə kəndi ərazisində torpaq sürüşməsi olmuşdu. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təbii fəlakətin ilkin nəticələrini elə həmin gün, hətta həmin gecə aradan qaldırdılar. Sonra, Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən rayona səlahiyyətli komissiya göndərildi, ziyan dəymiş bütün evlər nəzərdən keçirildi. Heç bir fərdi evin sığorta haqqında sənədinin olmamasına baxmayaraq, dövlətimiz humanistlik göstərərək Fövqəladə Hallar Nazirliyinin xətti ilə 100-ə yaxın evin inşasını öz üzərinə götürdü. Yüzlərcə ailəyə isə təmir üçün tikinti materialları verildi. Nəticədə evlər qısa bir müddətdə tikilib istifadəyə verildi.
Mən fürsətdən istifadə edib bu quruma, onun rəhbərliyinə öz seçicilərim adından dərin minnətdarlığımı bildirirəm. Demək istəyirəm ki, Fövqəladə Hallar Nazirliyi tək bu rayonda yox, bütün zonada çox populyardır, çünki məktəblərin, başqa obyektlərin tikintisində də, təmirində də əhaliyə yaxından köməklik edir. Aran rayonlarında baş vermiş təbii fəlakətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları böyük fədakarlıq göstərir, ən ağır işləri öz üzərlərinə götürür və camaatı bəlalardan qoruyurlar. Mən bu qurumun bütün işçilərinə,  rəhbər heyətinə çətin, lakin nəcib və şərəfli işlərində uğurlar diləyirəm. Həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Elmira xanım, çox sağ olun. Siz burada 9.0.5-ci maddə ilə bağlı məsələ qaldırdınız. Amma mən hesab edirəm ki, ümumiyyətlə, elm hər yerdə lazımdır. Elmi kadrların hazırlanması Fövqəladə Hallar Nazirliyinə də lazımdır. Fövqəladə Hallar Nazirliyinin akademiyası var,  kadrları harada hazırlamalıdır? Nəzərə alın ki, burada söhbət bütün strukturlardan getmir. Orada dövlət qulluqçuları var. Yəni onun işi elədir ki, misal üçün, o, yanğınsöndürmə ilə bağlı deyil, ya da ekstremal bir şəraitdə işləmir. Amma onun institutu var, akademiyası var. O, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi üçün orada oturub  elmi iş yazır. Elədirmi, Etibar müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Məlahət xanım, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, əsəbiləşməyin, deputatın hüququdur. Yoldaş polkovnik, xahiş edirəm, əsəbiləşmə. Buyurun, Məlahət xanım.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Mən də  parlamentdə bütün həmkarlarımın fikrini səsləndirmək istəyirəm. Təbii ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti hər kəsin – Azərbaycan xalqının gözü qabağındadır. Siz də təqdimatınızda dediniz ki, qısa müddət ərzində mükəmməl bir struktur yaranıbdır. Neçə gündür ki, bu təbii fəlakətə qarşı gecə-gündüz mübarizə aparırlar, ziyanın qarşısını almaq və camaata kömək etmək üçün böyük fədakarlıq göstərirlər. Bu gün,  həqiqətən, mükəmməl bir qanun layihəsi təqdim olunubdur. Qanun layihəsinin konseptual nöqteyi-nəzərdən müzakirəsidir. Hörmətli həmkarım Siyavuş Novruzov dedi, mən də təklif edirəm ki, ya bu gün birinci, ikinci, üçüncü oxunuşu birdən keçirək, bu qanunu qəbul edək, ya da qanun layihəsinə konseptual baxımdan səs verək. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Çıxış üçün təkid edən varmı? Buyurun. 
A.Həsənov. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanun layihəsi Fövqəladə Hallar Nazirliyinin orqanlarında çalışan əməkdaşların xidmətə qəbul edilmələri, onların hüquq və vəzifələrinin müəyyən edilməsi, sosial təminatları və sair meyarlara görə önəmlidir. Qeyd olunmalıdır ki, hər bir dövlət orqanında, xüsusilə hüquq mühafizə orqanlarında xidmətkeçmənin əsaslarını müəyyən edən əsasnamələr mövcud olduğu halda, Fövqəladə Hallar Nazirliyinin yarandığı vaxtdan indiyə qədər fəaliyyətini tənzimləyən normativ hüquqi aktın olmaması təəccüb doğurur. Nəzərə alsaq ki, Fövqəladə Hallar Nazirliyi ölkəmizin ən mühüm strukturlarından biridir, bu halda adı çəkilən orqanda xidmətkeçmənin əsaslarını müəyyən edən normativ hüquqi aktın qəbulunu təqdirəlayiq hesab edirəm.
Yeri gəlmişkən, fürsətdən istifadə edib Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə də bir neçə kəlmə qeyd etmək istərdim. Belə ki, müsbət iş keyfiyyətinə malik olan, fəaliyyəti geniş ictimaiyyət tərəfindən təqdir edilən nazirliklərdən biri də Fövqəladə Hallar Nazirliyidir. Bu nazirlik yaranandan öz maddi-texniki imkanlarını gücləndirməklə yanaşı, necə mühüm qurum olmasını da dəfələrlə öz işi ilə təsdiqləyib. Xüsusilə qış aylarında bu nazirliyin əvəzedilməz funksiyasını hər kəs xatırlayır. Enerji problemini, rayonların, kəndlərin sel altında qalmasını, yanğınları, yolların bağlanmasını, son bir ayda aran rayonlarının Kür çayının suyunun altında qalmasını yada salaq. Bu problemlər məhz onların operativ və təcili tədbirlərinin nəticəsində aradan qaldırılmışdır.
Bir neçə ay əvvəl müzakirəmizə təqdim olunmuş Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatında da Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti digər orqanların fəaliyyətindən daha qabarıq formada diqqəti cəlb etmişdir. Belə ki, Fövqəladə Hallar Nazirliyi 2009-cu ildə ölkə ərazisində baş vermiş 6205 yanğın hadisəsi zamanı 162 nəfərin həyatını xilas edib. Nazirlik respublikada qeydiyyata alınmış 77 mindən artıq müxtəlif təyinatlı obyektdən 65 mindən çoxunda kompleks, 39 min obyektdə isə nəzarət qaydasında yanğın-texniki müayinələr aparmış, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün bir çox təkliflər vermiş, onlardan çoxunun həyata keçirilməsi təmin edilmişdir. 2009-cu ildə Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi təcili axtarış-xilasetmə və qəza-xilasetmə tədbirləri nəticəsində 559 müxtəlif qəza hadisəsi zamanı 535 nəfər xilas edilmiş, 136 nəfərə ilkin və təxirəsalınmaz tibbi yardım göstərilmişdir. Bu statistikanın sayını xeyli artırmaq da olar. Göründüyü kimi, Fövqəladə Hallar Nazirliyi səmərəli fəaliyyət göstərən, qısa müddətdə geniş ictimaiyyətin rəğbətini qazanan, fəaliyyətini yüksək səviyyədə quran nazirliklərdən biridir.
Hesab edirəm ki, müzakirəmizə təqdim edilmiş Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanun layihəsi mükəmməl formada hazırlanıb. Buna baxmayaraq, bəzi qeyd və təkliflərimi də diqqətinizə təqdim etmək istərdim. Hörmətli millət vəkilləri, mən bunu öz komitəmizdə də qeyd etdim. 4.12-ci maddədə göstərilir ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar, habelə, bir qayda olaraq, yaşı otuzu keçmiş şəxslər fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul olunmurlar. İkinci, həmin maddənin 13-cü bəndində göstərilir ki, zəruri hallarda fövqəladə hallar orqanlarında maliyyə, təsərrüfat, tibb, təhsil və digər spesifik sahələr üzrə yaşı qırxadək olan şəxslərə şamil edilmir. Bu, təqdirəlayiqdir. Yalnız bir şərtlə şamil edilir ki, o da zərurətdir. Başqa cür desək, bu  sahədə işə qəbulla bağlı zərurət varsa, deməli, bu kateqoriya gənclər işə və xidmətə götürülürlər. Yəni qanuna müvafiq olaraq ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə orduya çağırılmayan gənclər işə və xidmətə götürülə bilərlər. Yaşı otuzu keçmiş şəxslər isə fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. Digər hüquq mühafizə orqanlarında da belədir.
Hamımız bilirik ki, ehtiyatda olan ali təhsilli gənclərə yalnız hərbi təlim keçəndən sonra hərbi rütbələr verilir. Müdafiə Nazirliyi özlərinə tələb olunanları, yəni lazımi mütəxəssisləri orduya çağırır, əksəriyyəti isə qanuna müvafiq olaraq ehtiyatda qalırlar. Obyektiv səbəblərdən orduya çağırılmamış bu kateqoriya gənclərin fövqəladə hallar orqanlarında işə qəbulu müzakirə etdiyimiz qanun layihəsində təsdiq olunmuşdur. Hesab edirəm ki, yaş həddi otuz beşə qədər artırılarsa, daha yaxşı olar. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 172-ci maddəsinə əsasən Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa uyğun olaraq ehtiyatda olan hərbi vəzifələr yaş dərəcələrinə bölünür. Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanların ehtiyatda olmalarının yaş həddi otuz beş müəyyən edilib və otuz beş yaşa kimi orduya çağırılırlar. Bu baxımdan mütləq qanunda otuz beş yaşa kimi orduya çağırış barədə  dəyişiklik olmalıdır. Mən Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanun layihəsini təkmil hesab edirəm və ümid edirəm ki, bu qanun layihəsi qəbul edildikdən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları öz işlərini daha peşəkar və günün tələbləri səviyyəsində qura biləcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən istəyirdim ki, yalnız təkid edənlərə söz verim. Görürəm, yenə yazılanlar var. Mən təklif edirəm ki, müzakirəni tənəffüsə qədər davam etdirək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sonra narazı qalanlar olmasınlar. Qüdrət Həsənquliyev. 
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Bu qanun layihəsini hazırlayan işçi qrupunun üzvlərinə öz minnətdarlığımı bildirirəm. Doğrudan da, yaxşı hazırlanmış bir qanun layihəsidir. Amma burada təkliflər verildi ki, bunu bir oxunuşda qəbul edək. Oqtay müəllim, çoxlu sayda təkliflər var. Biz bunu 3 oxunuşda qəbul etsək, daha doğru olardı. Yəni bir oxunuşda qəbul ediləcəksə, ya o təkliflər bəyan olunsun ki, biz bir-bir o təkliflərin üzərində dayanaq, ya da konseptual baxımdan birinci oxunuşda qəbul edək. Sonra, üçüncü oxunuşda bu qanunu digər qanunlar  kimi qəbul edərik.
Mən də hesab edirəm ki, ümumiyyətlə, hökumətin tərkibində aparılan  struktur islahatları çərçivəsində Fövqəladə Hallar Nazirliyinin yaradılması özünü doğruldub. Qışda qar çovğunu, indi Kürdə baş vermiş təbii fəlakət zamanı nazirliyin əməkdaşları Müdafiə Nazirliyinin əsgərləri və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə, doğrudan da, fədakarlıq nümayiş etdirdilər. Bu, qeyd olunmalıdır, təqdir olunmalıdır. Biz bunu minnətdarlıq hissi ilə qeyd etməliyik. Belə hesab edirəm ki, konseptual baxımdan biz bu qanunu bu gün qəbul edə bilərik. Amma Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının istər sosial təminatı, istərsə də burada xidmətkeçmə ilə əlaqədar mənim bir neçə prinsipial təklifim var. Yəqin ki, ikinci oxunuşda mən bu təklifləri verəcəyəm ki, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının sosial müdafiəsi daha yaxşı şəkildə təmin olunsun. Burada xidmətkeçmənin özü ilə əlaqədar müəyyən təkliflər var. Onların vəzifədə irəli çəkilməsi və digər məsələlərlə əlaqədar təkliflərim olacaq. Ona görə mən vaxtınızı almaq istəmirəm və hesab edirəm ki, konseptual baxımdan bu qanunu qəbul eləmək lazımdır. Mən də bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, qanun layihəsini konseptual baxımdan qəbul etməliyik, amma ikinci, üçüncü oxunuşu bir yerdə keçirə bilərik. Ona görə çıxış üçün kimə söz çatmasa,  Ziyafət müəllimdən xahiş edirik, komitədə baxsınlar. Növbədənkənar sessiya dövründə qanun layihəsinin ikinci və üçüncü oxunuşunu keçirə  bilərik. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, mən də bu qanun layihəsini çox əhəmiyyətli bir sənəd hesab edirəm. Elə bilirəm ki, bu qanun layihəsi günümüzün reallıqlarını özündə əks etdirir, əhatəli və çox dolğun hazırlanmış bir sənəddir. Bu sənəd fövqəladə hallar orqanlarının fəaliyyətinin qanunvericiliyə uyğun tənzimlənməsini təmin etməklə bərabər, həm də orada çalışanların məsuliyyət hissinin artırılması, onların hüquq və vəzifələrinin müəyyən edilməsi, yaş hədlərinin dəqiqləşdirilməsi, orqan əməkdaşlarının hüquqi, sosial müdafiəsi, eləcə də pensiya və maddi təminatı sahəsində normaların aydınlaşdırılması baxımından əhəmiyyətlidir.
Qanunun mahiyyəti bizə aydındır. Məqsəd bilavasitə fövqəladə hallar orqanlarında fəaliyyətin daha yaxşı və səmərəli qurulmasına xidmət edir. Həmkarlarım da təklif elədilər, elə bilirəm ki, bu qanun layihəsini bu gün 3 oxunuşdan keçirmək olar və bu, işin səmərəliyinə xidmət eləyər. Məni maraqlandıran iki məsələdən birinə hörmətli Ziyafət müəllim aydınlıq gətirdi. Bu da fövqəladə hallar orqanları əməkdaşlarının hərbi xidmətə çağırılmaması ilə əlaqədardır.
Mən ikinci bir məsələ ilə əlaqədar öz təklifimi bildirmək istərdim.  Qanun layihəsində orta və yaxud böyük rəis heyəti vəzifələrində xüsusi rütbələri olan fövqəladə hallar orqanları əməkdaşlarının xidmətkeçmə müddəti 55 yaşa kimi göstərilir. Bu yaş həddinin lazım olsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər uzadılması da göstərilir. Mən bu müddətin 5 ildən 10 ilə qədər uzadılmasını xahiş edərdim. Çünki orta və böyük rəis heyəti fövqəladə hallar orqanlarında mühüm və məsuliyyətli vəzifədir. Bu heyət  təcrübəli, öz sahəsini hərtərəfli bilən mütəxəssislər hesabına möhkəmlənmişdir, formalaşmışdır. Elə bilirəm ki,  belə mütəxəssislərin əməyindən gələcəkdə istifadə olunması bizim işimizin xeyrinə olardı. Yenə də deyirəm, bu qanun layihəsi çox əhəmiyyətlidir və onun lehinə səs verəcəyəm. Həmkarlarımı da buna səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva.  Çox sağ olun, Oqtay müəllim. Mən də həmkarlarım kimi, hesab edirəm ki, müzakirəyə təqdim olunmuş qanun layihəsi ən yüksək səviyyədə hazırlanmışdır. Ümumiyyətlə, demək istərdim ki, çox qısa bir zamanda Fövqəladə Hallar Nazirliyində çox yüksək səviyyədə  iş təşkil olunub. Hər hansı bir fövqəladə hadisə baş verəndə bütün cəmiyyət bir daha buna əmin olur ki, bu təşkilatda bütün işlər yüksək səviyyədə qurulub. Bu yaxınlarda Kür çayı daşanda biz bunun  bir daha şahidi olduq.
Qanun layihəsi kifayət qədər ətraflı hazırlanıb. Demək olar ki, fövqəladə hallar orqanlarının fəaliyyətinin bütün sahələri burada əhatə olunub.  Bu cür səliqəli hazırlanan qanun layihəsi yalnız və yalnız təqdir oluna bilər. Mən yalnız bir məsələni demək istərdim. Hesab edirəm ki,  qanun layihəsini hazırlayanlar bu məsələyə bir daha baxmalıdırlar. 4-cü maddədə fövqəladə hallar orqanlarına xidmətə qəbulun qaydaları və şərtləri göstərilib. 4.1-ci maddədə yazılır ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən və ilaxır. “Əqidəsindən” və “dinindən” sözləri eyni mənanı verir. Nəzərə alaq ki, burada siyasi əqidə ola bilməz, çünki qanun layihəsində qeyd olunur ki, fövqəladə hallar orqanlarında işləyənlər hər hansı bir siyasi partiyaya daxil ola bilməzlər. Ona görə burada başqa əqidə yox, yalnız dini əqidə nəzərdə tutula bilər. Hesab edirəm ki, bu iki kəlmədən biri qalsaydı, daha yaxşı olardı. Mən qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da buna çağırıram. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Üzv olduğum komitədə bu qanun layihəsi müzakirə olunub, müzakirədə iştirak eləmişəm və əleyhinə də olmamışam. Burada hörmətli Vahid müəllimin qaldırdığı məsələ diqqəti cəlb edir. Qanun layihəsinin 4.12-ci maddəsində belə yazılıb: “Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar, habelə, bir qayda olaraq, yaşı otuzu keçmiş şəxslər  fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər”. Yəni o şərt ki imperativ qaydada nəzərdə tutulur, bu, bütün xidmət orqanlarına yox, yalnız xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə şamil edilir. Konstitusiyanın 76-cı maddəsində vətəni müdafiə müddəası Azərbaycan Respublikasının vətəndaşı üçün icbari bir vəzifə kimi müəyyən edilmişdir. O baxımdan hər halda hüquqşünaslar bu məsələyə bir də baxsınlar.
4.15-ci maddədə “fövqəladə hallar orqanlarının əməkdaşları hərbi xidmətə çağırılmır və hərbi uçotdan çıxarılaraq müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınırlar” müddəası, hesab edirəm ki, bu baxımdan nəzərdən keçirilməsi lazım gələn bir məsələdir. Hər halda o biri oxunuşlarda hüquqşünaslar müvafiq orqanlarla məsləhətləşsinlər. Bu, əslində, cari bir qanundur. Digər xidmət orqanları var və orqanlarda xidmətkeçmə qanunlarla  tənzimlənir. İstər daxili işlər orqanlarında, istərsə də prokurorluq orqanlarında xidmətkeçmə ilə bağlı belə qanunlar qəbul etmişik. Bəzi deputatlarımız tərəfindən isə bunun fövqəladə əhəmiyyətli, mühüm bir hadisə kimi dəyərləndirilməsini bir qədər təəccüblə qarşıladım. Sözün doğrusu, burada adlar çəkilməsə də, açıq-aşkar hiss olunur ki, bu, fövqəladə hallar nazirinin şəxsiyyəti ilə bağlı olan bir məsələdir.
Mən bir məsələni qeyd eləyim. Mən həmişə yaxşının da, pisin də deyilməsinin tərəfdarı olmuşam. Məsələn, bir deputat kimi verdiyim sorğulara orqanlar içərisində ən operativ şəkildə cavab verən və bir çox hallarda sorğuda qeyd elədiyim məsələlərin həll edilməsi istiqamətində addımlar atan orqan, həqiqətən, Fövqəladə Hallar Nazirliyidir. Ən azı, birincilərdən biridir. Amma mən burada hər şeyin qaydada olduğu barədə deyilənləri doğru saymıram. Sabirabad rayonunda sel, daşqın zamanı  Fövqəladə Hallar Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyinin,  Müdafiə Nazirliyinin, Səhiyyə Nazirliyinin  işçilərinin gecə-gündüz çəkdikləri əməyin şahidi olmuşuq. Heç kəs bunun itirilməsinin  tərəfdarı deyildir.
Bilirsiniz, bunlar Azərbaycan dövləti üçün yaradılır. İndi bu gün nazir cənab general-polkovnik Kəmaləddin Heydərovdursa,   sabah başqa bir şəxs olacaqdır. Mən çox istərdim ki, doğrudan da, Fövqəladə Hallar Nazirliyinə bu cür məhəbbət və ehtiram yenə də eyni şəkildə bizim parlamentin üzvləri tərəfindən ifadə olunsun. Təki belə olaydı, amma bu məsələlər başa çatmayıb. Yəni  əvvəlcədən daşqın bölgəsində görülmüş işlərin nəticələri barədə fikir yürütmək, məncə, tezdir. Son dövrdəki hesablamalar göstərir ki, Müdafiə və Təhsil nazirlikləri istisna olmaqla, ən çox büdcə vəsaiti ayrılan orqan Fövqəladə Hallar Nazirliyidir. Yəni bu nazirlik çox bahalı büdcə təşkilatıdır. Azərbaycan vətəndaşının da, onun vergi ödəyicisinin də, dövlətin də, parlamentin də belə bahalı vəsait ayrılan, büdcə vəsaitini yeyən bir təşkilatdan daha çox hesab istəməyə haqqı vardır və bu istənilməlidir.
Mən nəyə görə bunu qeyd elədim? Sel daşqını ilə bağlı burada   elə danışılır ki, sanki hər şey başa çatmışdır və Fövqəladə Hallar Nazirliyinin də, onun əməkdaşlarının da işi artıq qurtarmışdır. Belə deyildir. 30 minə yaxın ev dağılmışdır, su basmışdır. 2000 ev tamamilə dağılmışdır. Təkcə Sabirabad rayonunda təxminən 30  mindən artıq əhali hələ də sel qaçqını vəziyyətindədir. Sizi inandırıram ki, daşqının həyat üçün təhlükəsi azalıbsa da, sanitar-epidemioloji, sosial vəziyyət, əhalinin yaşayış məntəqələrinə qayıtması üçün həmin məntəqələrin reabilitasiyası məsələsi çox ciddi bir şəkildə gündəmdə durmaqdadır və bu təkcə o regionun, o rayonun, o yaşayış məntəqəsinin mənafeyi ilə məhdudlaşmır.
Məsələn, nə meydana çıxıb? Nə Səhiyyə Nazirliyinin, nə də Fövqəladə Hallar Nazirliyinin ciddi, geniş sanitar-epidemioloji dezinfeksiya aparmaq üçün aviasiyası var. Belə bir xüsusi texnika, – yəni onlar elə də sadə texnikalar deyil, – gətirilməmişdir. Hazırda ayrı-ayrı qruplar şəklində dezinfeksiya işləri aparılır. Bu, istilərin düşməsi ilə bağlı  çox böyük əhəmiyyətli təhlükəsizlik məsələsidir, açığı, kifayət eləmir. Əhalinin maddi təminatının ödənilməsi üçün çox iş görülür, onlar müxtəlif ərzaqla təmin olunurlar. Amma bir daha təkrar edirəm, bundan sonra necə olacaqdır? Həmin rayonlarda fövqəladə vəziyyət elan olunmayıb, əhali başlı-başına buraxılıb. Fövqəladə hal aradan qalxdıqdan sonra artıq  onlar nə Fövqəladə Hallar Nazirliyinin,  nə də başqa orqanların əməkdaşlarını görürlər. Ona görə də bu, reabilitasiya işi tələb eləyən bir iş kimi aparılmalıdır. Mən bunu qeyd eləməyi lazım bildim.
Prinsipcə, əlbəttə ki, həmin orqanların normal fəaliyyət göstərməsi üçün belə bir qanunun qəbul edilməsi zəruri bir məsələdir. Hamımız – vəzifəli şəxslər də, nazir də, sıravi heyət də, təbii ki, gəlib gedəcəkdir. Burada iştiraklarından istifadə edərək onlara arzumuz və təmənnamız bundan ibarətdir ki, əhalinin və buradakı bir çox deputatın təriflərinə  və ehtiyaca uyğun olaraq fəaliyyət göstərsinlər. Müvəffəqiyyətdən baş gicəllənməsin. Mən hər halda hesab eləmirəm ki, bu orqanlar özlərini beşə layiq göstərirlər. Təşəkkür edirəm. 
Sədrlik edən. Pənah Hüseynin  çıxışında hərdən elə fikir yaranır ki, bu bir az dinə-imana gəlib, görülən işlərə qiymət verir. Hərdən də qara yaxmaq istəyəndə, yaraşmır da. Dövlət komissiyası yaranıb, insanlar işləyirlər, işlər davam edir. Niyə şübhə ilə yanaşırsınız? Mən iclas başlayanda həmişə bura qatıq butulkası qoyum ki, həmişə yadda qalsın,  ağa qara deməsinlər? Zahid Oruc.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Mən də Məclis üzvlərinin o mövqeyini birmənalı bölüşürəm ki, sənəd beynəlxalq təcrübəni nəzərə alaraq hazırlanıb və bu mənada onun  müddəalarına opponentlik eləmək xeyli çətindir. Lakin bununla belə, həmkarlarımız müxtəlif fikirlərini bölüşmüş oldular.
Mən də birinci olaraq onu vurğulamaq istəyirəm ki, həqiqətən də, keçmişdə bu funksiyanı icra hakimiyyəti orqanlarının nəzdində yerinə yetirən komissiyalar, əslində isə komissiyadan daha çox icra hakimiyyəti başçısının müavinləri gerçək olaraq Azərbaycan təbiətində, Azərbaycanın həyatında baş verən fövqəladə vəziyyət hallarını aradan qaldırmağa, onu qarşılamağa tam qadir deyildilər. Nəhayət, Azərbaycanın iqtisadi imkanları yol verdi ki, belə bir nazirlik təsis olunsun, formalaşsın və  Azərbaycanın hökumət strukturları arasında öz yerini tutsun. Qeyd olunduğu kimi, artıq formalaşmış bir təsisat kimi baş vermiş hər hansı fövqəladə hallara qarşı ən operativ reaksiya məhz bu nazirlikdən gəlməkdədir.
İkinci, diqqəti ona cəlb etmək istəyirəm ki, daha kütləvi fövqəladə vəziyyət rejimləri halı bəllidir, istənilən ölkənin həyatında baş verə bilir. Amma fərdi fövqəladə vəziyyət, xüsusilə də yanğın təhlükəsizliyi qaydalarına əməl etməmək səbəbindən baş verən hadisələr dövründə vətəndaşlar və dövlət orqanları arasında xeyli yazışmalar, müraciətlər bu gün də qalmaqdadır. Etiraf edək ki, bütün bu ağırlığı vətəndaşlar daha çox fövqəladə hallar qurumlarına yönəldirlər ki, bunun özü də kifayət qədər yanlışdır. Çünki sığorta olunmamış əşyanın, ya da bütövlükdə mülkiyyətin tam haqqını bu qurumdan tələb eləmək düzgün deyildir. Baxmayaraq ki, yerlərdə bununla bağlı xüsusi komissiya bu gün də fəaliyyət aparmaqdadır, amma vətəndaşlarımız özlərinə yönəli ən adi vəzifələri yerinə yetirmədikləri üçün, Allah etməsin, bu cür fors-major situasiyalarında doğrudan-doğruya ciddi problemlər ortalıqda qalmaqda davam edir. 
Məsələn, təmsil elədiyim Bərdə bölgəsində bir neçə şəxs var ki,  yanğın hadisəsinə məruz qalıblar. Demək olar ki, son əşyalarına qədər hər şeyi itiriblər, amma onların tam haqqını bu gün dövlətdən tələb eləməkdədirlər. Ona görə də hesab edirəm  ki, bu qurumun yaradılması, onun fəaliyyəti ilə yanaşı, eyni zamanda, əhalinin həyatını tənzimləyən digər normativ sənədlərə də dəqiqlik gətirməliyik.
Əlbəttə,  burada xüsusi olaraq o vurğulanır ki, bəlkə iki fövqəladə vəziyyəti yaşamaqdayıq. Biri, dediyimiz kimi, dünyanın hər yerində baş verən hadisələr, o cümlədən Azərbaycanda gerçək gördüklərimizdir ki,  məsələn, elə sel-fəlakətlə özünü nümayiş etdirdi. İkinci də bu strukturun əleyhinə mediada az qala fövqəladə sistemdə aparılan fəaliyyətdir. Mən açıq deyim, əleyhinə bu qədər mənfi materiallar dərc olunan başqa hər hansı bir qurumu ağıla gətirmək çətindir. Amma bu fonda belə onlar dözüm göstərirlər,  bunu inkar eləmək mümkün deyil. O vəziyyətdə belə onlar, dediyimiz kimi, əhalinin məruz qaldığı bu problemlərə qarşı addımlar atırlar. Xüsusilə burada guya bu qurumun hərbiləşdirilmiş, yəni silahlı bir qurum kimi qələmə verilməsi qeyd olundu. Halbuki dünyanın əksər ölkələrində müəyyən bir tərkib var, xüsusilə də daxili qoşunlarda, sərhəd qoşunlarında buna tam yol verilir. Amma  texnogen qəzalar, xüsusilə də təbii fəlakətlərə qarşı ilk reaksiyanı təmin eləmək üçün real xidmətkeçmə qaydasında insanların ora cəlbini niyə kimlərsə bu cür mənfi qarşılayır, bu da başa düşülməzdir.
Son olaraq bir məsələni qeyd etmək istəyirəm. Oqtay müəllim də zamanın çatdığını işarə eləyir, düşünürəm ki, ən başlıca məsələlərdən biri  bu qurumun tam texniki resurslarla  təminatı üçün qarşıdakı dövrdə də büdcə ayırmalarında onun prioritet yerdə qalmasıdır. Hörmətli Pənah bəy bunu kiminsə, məhz nazirin şəxsinə, ona olan  sayğısına bağladı. Amma düşünürəm ki, “bu qurum başqa bir maliyyə vəziyyətində o problemləri necə həll edərdi” sualına Pənah Hüseyn də cavab verə bilməzdi. İstər-istəməz hər birimiz etiraf eləməliyik ki, bu problemlərin hər biri kifayət qədər maliyyə tutumludur. Ona görə də bu ayırmalar hər zaman gündəmdə olacaqdır. Arzulayaq ki, olmasın, amma heç bir ölkə bundan sığorta olunmayıb. Cənab Sədr, təklif edirəm ki, artıq zamanın çatdığını nəzərə alaraq qanun layihəsini səsə qoyaq və lehinə səs verək.
Sədrlik edən. Çox sağ ol. Amma mən bu qanun layihəsi ilə bağlı kiminsə mənfi çıxış elədiyini hiss eləmədim. Hamı qanun layihəsini dəstəklədi. Səsvermədən qabaq istərdim, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevə söz verək. Buyurun.
E.Mirzəyev, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Cənab Sədr, hörmətli millət vəkilləri! Mənə söz verdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Millət vəkili Pənah müəllimin söylədiklərinin əksinə olaraq qeyd etmək istərdim ki, artıq bir aydan çoxdur Fövqəladə Hallar Nazirliyinin bütün qurumları hadisə yerindədir. Mənim özüm şəxsən dünən qayıtmışam. Bir aydan artıqdır ki, hadisə yerində olmuşam, bütün bu hadisələrdə nəzəri cəhətdən yox, praktik cəhətdən və birbaşa iştirak etmişəm. Pənah müəllimə üzümü tutub demək istəyirəm ki, bilmədiyiniz şeyi danışmaq çox çətindir. Axı, burada yalnız Fövqəladə Hallar Nazirliyinin deyil, Daxili İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər qurumların əməkdaşları da, orada yaşayan insanlar da fədakarlıq göstərmişlər. Burada ayrı-ayrı fərdlərdən deyil, dövlətdən söhbət gedir. Dövlət o insanların qayğısına qalır. Bəli, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 24–36 saat yatmayan insanlardır. Sözün əsl mənasında öz mövqelərini qoyub dala çəkilməyən insanlardır. O insanların fədakarlığı nəticəsində biz həmin hadisələrdə ölüm, itki vermədik.
Bəli, maddi-texniki baza olmadan heç bir iş görmək olmaz. Bizim helikopterlərimiz, qayıqlarımız, yanğınsöndürən maşınlarımız, insanlarımız yarıya qədər suyun, palçığın içərisində, yağışda  əhalinin malını, mülkünü, əmlakını qoruyurdular. Ancaq belə danışmaq artıqdır. Mən Sizdən xahiş edirəm ki, danışmazdan qabaq bir az fikirləşəsiniz. Sağ olun.
Sədrlik edən. Deməli, Etibar müəllim, deputatların çıxışlarına belə reaksiya vermək lazım deyil. Hər kəs öz fikrini deyir. Hamımız bilirik, hamımız gördük. Mən  elə bir Kürün timsalında gördüm ki, nə işlər gördünüz. Fövqəladə Hallar Nazirliyi orada nə işlər gördü.  3 gün ərzində 11 kilometr bənd vuruldu. Bunlar hamısı görüldü, göz qabağındadır. Mən hesab edirəm ki, bunu görməmək olmaz. Hamımız bunu görürük,  qiymətləndiririk. Dövlət komissiyası öz işini axıra kimi davam  etdirəcək. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda münasibətinizi bildirəsiniz.

                    Səsvermənin nəticələri                        (saat 14.02 dəq.)
                    Lehinə                                                                      106
                    Əleyhinə                                                                      0
                    Bitərəf                                                                         0
                    Səs vermədi                                                                 0
                    İştirak edir                                                                 106
                    Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Hörmətli deputatlar,  bildiyiniz kimi, Milli təhlükəsizlik konsepsiyası, Hərbi doktrina, Xarici siyasət strategiyası və sair kimi strateji əhəmiyyətli sənədlərin yaradılması üçün  2004-cü il sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin 394 saylı fərmanı ilə işçi qrupu yaradılmışdır. İşçi qrupunun qarşısında duran əsas vəzifələr bunlar idi: Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyasının, Xarici siyasət strategiyasının, Hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması üçün müvafiq dövlət orqanlarının birgə fəaliyyətini təmin etmək, Azərbaycan Respublikasının milli maraqlarına, milli təhlükəsizliyinə yaranan təhdidləri və milli təhlükəsizliyin təmin olunması tədbirlərini təhlil etmək, Azərbaycan Respublikasının milli təhlükəsizlik sahəsində vəziyyətin dəyişməsindən asılı olaraq Milli təhlükəsizlik konsepsiyasının, Xarici siyasət strategiyasının, Hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin dəyişmiş vəziyyətə uyğunlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək. İşçi qrupunda təmsil olunmuş hər bir nazirlik və digər strukturlarda onlara aid olan sənədlərin işlənib hazırlanması ilə məşğul olan ekspertlər qrupu yaradılmışdır. Ekspertlərin təlimatlandırılması və digər ölkələrin təcrübələrinin daha detallı öyrənilib dərk edilməsi üçün yerli və xarici ölkələrin mütəxəssisləri tərəfindən lazımi treninq və seminarlar həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti 2007-ci il iyulun 23-də Azərbaycan Respublikasının Milli təhlükəsizlik konsepsiyasını qəbul etmişdir. Bu sənəd gələcəkdə işlənib hazırlanacaq bütün sənədlər üçün əsas olmuşdur. Belə ki, özündə respublikanın milli maraqlarını, təhlükə və riskləri və eyni zamanda, bu risk və təhlükənin neytrallaşdırılması yolunda dövlətin əsas fəaliyyətini cəmləşdirmişdir. 
Hərbi doktrina dövlətin müdafiə təhlükəsizliyi sayəsində yürütdüyü siyasətin rəsmi bəyanatıdır. Bu, hərbi quruculuğun istiqamətini təyin edən dövlətin və silahlı qüvvələrin müharibəyə hazır olmasını, onun forma və üsullarını müəyyən edən rəsmi baxışların və mövqelərin sistemidir. Nəzərə almaq lazımdır ki, müdafiə təhlükəsizliyi hərbi təhlükəsizlikdən daha geniş anlayışdır. Çünki o, bütün ölkənin hərbi gücü hesabına deyil, eyni zamanda, iqtisadi informasiya və digər faktorlarla təmin olunub.   Əgər onun başlıca mənasını ümumiləşdirsək, Hərbi doktrinanın əsasları növbəti vacib suallara cavab verməlidir: Azərbaycanın təhlükəsizliyinə zərər vura biləcək müasir  təhdidlərin xüsusiyyətləri və ondan irəli gələn müdafiə məsələləri, potensial təhlükələrin  neytrallaşdırılması və müdafiə məsələlərinin yerinə yetirilməsi üçün Azərbaycana lazım olan hərbi təşkilat, silahlı qüvvələrin və digər qoşunların mümkün tətbiq üsulları, Azərbaycana tətbiq oluna biləcək müharibə növləri və silahlı konfliktlər, bunları nəzərə alaraq şəxsi heyətin hərbi tədris və tərbiyəsinin istiqamətinin müəyyən olunması. Ümumilikdə, ölkəni hər şeydən əvvəl iqtisadi, hərbi sənaye və siyasi mənəvi cəhətdən müdafiəyə necə hazırlamaq.
Hər şeyin rəqabətə əsaslandığı müasir dövrdə hər şey hökumətin necə siyasət yürütməsindən asılıdır. Əgər ölkənin öz milli maraqları varsa və onları qorumaq məqsədi güdürsə, o zaman bu maraqlar digər ölkələrin maraqları ilə ziddiyyət təşkil edə bilər. Potensial və birbaşa təhlükələr yarana bilər. Bütün bunlara rəğmən, Azərbaycan üçün suveren demokratiya ideyası böyük məna kəsb edir. Müasir şəraitdə suverenlik saxlanılmadıqda demokratik, sosial-iqtisadi dəyişikliklərin tam həcmdə aparılması mümkün deyil. Əvvəlki dövrlərə nisbətən qloballaşan dünyada suverenliyin və milli maraqların qorunması daha da çətinləşir. Ona görə də həm Azərbaycanın təhlükəsizliyinə xələl gətirə biləcək təhlükənin qiymətləndirilməsi, həm də müdafiə məsələlərinin həlli və istənilən şəraitdə Azərbaycanın milli maraqlarının və suverenliyinin qeyd-şərtsiz qorunması ideyaları Hərbi doktrinada öz əksini tapmışdır.
Təhlükələrin qiymətləndirilməsi zamanı dünyadakı konkret hərbi siyasi  dəyişikliklərə və hərbi və qeyri-hərbi vasitələrlə həyata keçirilən təhlükələrin daha geniş əhatə dairəsinin hesabatına əsaslanmaq lazımdır. Bütün bu hərbi və qeyri-hərbi təhdidləri bir-birindən ayırmaq mümkün deyil və yaxud çox çətindir. Onlar bir-biri ilə qarşılıqlı sıx əlaqədədirlər. Diplomatik təsirlər və iqtisadi sanksiyalar çox vaxt silahlı blokadalarla, digər təsir formaları ilə möhkəmləndirilir. Bütün bunları nəzərə alsaq və nə qədər ki Azərbaycan üçün yeni təhlükələrin mövcudluğunu inkar etmək mümkün deyil, ölkənin müdafiəsi dövlətin bütün gücü ilə həyata keçirilməli, bütün hərbi və qeyri-hərbi təhdidlərə ayrılmaz surətdə baxılmalı və ölkənin təhlükəsizliyinin təminatına rəsmi mövqe Hərbi doktrinada öz əksini tapmalıdır.
Əgər bir çox təhdidləri ümumiləşdirsək, o zaman müasir şəraitdə əsas təhdidlər, əsasən, aşağıdakılardır. Bu, Azərbaycanın suverenliyini təhlükə altına alan, onun iqtisadi və digər maraqlarını məhdudlaşdıran, müxtəlif siyasi və  informasiya təzyiq formaları və sarsıdıcı zərbələri özündə birləşdirən güc və siyasətdir. Azərbaycan üçün xüsusilə enerji  təhlükəsizliyi kəskin xarakter daşıyır. Bu zaman qonşu ölkələrlə Xəzər dənizinin sektorlara bölünməsi razılığı olmadığı halda, Bakı–Tbilisi–Ceyhan neft-boru kəmərinin və Xəzər dənizində neft yataqlarının təhlükəsizliyinin təmin olunması dövlətin qarşısında duran xüsusi  məsələdir. Buradan hərbi gücə arxalanaraq mövcud siyasi-diplomatik, iqtisadi, informasiya təhdidlərinin və digər qeyri-hərbi vasitələrin lokallaşdırılması, neytrallaşdırılması və qarşısının alınması kimi müdafiə məsələləri meydana çıxır.
İkinci, Azərbaycan  üçün hərbi təhdidlər, hərbi konfliktlərin yaranması, müəyyən şəraitdə isə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağda böyük miqyaslı müharibənin başvermə ehtimalı mövcud olaraq qalır.
Üçüncü, daxili təhdidlərdən ən təhlükəlisi, bir qayda olaraq, xaricdən  qızışdırılan  və Azərbaycanın ərazi bütövlüyünə və vahidliyinə zidd olan terrorizm  və separatizmdir. Hərbi doktrinanın əhəmiyyətli olması üçün ideoloji düşüncədən deyil, fikrimcə, Azərbaycan üçün mövcud olan mürəkkəb təzadlı reallıqlardan çıxış etmək lazımdır. Şübhəsiz ki, Azərbaycanın güclü və stabil olmasında maraqlı olan ölkələr və qüvvələr var. Eyni zamanda, elə  ölkələr də var ki, Azərbaycanın  güclü və müstəqil olması onları qane etmir.
Dünyanın aparıcı ölkələri üçün ümumi təhdidlərin olduğunu və onların neytrallaşmasının ancaq  bir güc vasitəsi ilə mümkün olmadığını nəzərə alsaq, görərik ki, Hərbi doktrinada müxtəlif ölkələrin hərbi doktrinaları ilə uyğunluğun, eyni zamanda, terrorizmlə mübarizəyə kömək göstərən mövqelərin olması məqsədəuyğundur. Transmilli təhdidlər onlara qarşı transmilli mexanizmlərin yaradılmasını tələb edir. Birləşmiş Millətlər Təşkilatının beynəlxalq təhlükəsizliyinin təmin olunması istiqamətində və onun bəzi ölkələr tərəfindən azaldılmasına  cəhdlərin olduğu şəraitdə  Azərbaycan Respublikasının BMT-nin hərbi doktrinaların müdafiə xarakteri haqqında qərarlarını dəstəkləmək, bununla birlikdə təhlükəsizliyin və sabitliyin təmin olunması və BMT-nin və digər beynəlxalq təşkilatların möhkəmlənməsi üçün maraqlı ölkələrlə birləşməsi məqsədəuyğundur. 
Hörmətli deputatlar, müzakirənizə çıxarılan Hərbi doktrina layihəsi 8 bölmədən və 75 bənddən ibarətdir. Mən bölmələri ümumilikdə nəzərinizə çatdırmaq istərdim: “Ümumi müddəalar”, “Azərbaycan Respublikasının   təhlükəsizlik mühiti”, “Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdidlər”, “Azərbaycan Respublikasının müdafiə siyasəti”, “Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin hərbi-strateji əsasları”, “Silahlı qüvvələrin və başqa silahlı birləşmələrin vəzifələri”, “Hərbi quruculuğun inkişaf perspektivləri” və “Yekun müddəalar”.
Hörmətli deputatlar, mən artıq qeyd etdim ki, cənab Prezidentin 2004-cü il sərəncamı ilə ölkənin Milli təhlükəsizlik konsepsiyasının, Hərbi doktrinanın və strateji sahələrlə əlaqədar digər qanun layihələrinin hazırlanması, eyni zamanda, bizim Milli Məclisdə qəbul edilən “Milli təhlükəsizlik haqqında” Qanun – bunların hamısı, əslində, həmin o konsepsiyanın tərkib hissəsidir. Həm Milli təhlükəsizlik haqqında konsepsiyada, həm “Milli təhlükəsizlik haqqında” Qanunda, həm də bizim bu gün təsdiq edəcəyimiz Hərbi doktrinada bir məsələ qırmızı xətlə keçir. O da, əgər fikir vermisinizsə, şəxsiyyət, cəmiyyət və dövlətin – bu triadanın təhlükəsizliyinin təmin olunması məsələsidir. Çünki biz hüquqi dövlətdə yaşayırıq, qanunun aliliyi olan bir demokratik dövlətdə hər şey şəxsiyyətin təhlükəsizliyindən başlayır. Əgər şəxsiyyət özünü təhlükəsiz hiss edirsə, deməli, cəmiyyət təhlükəsizdir, cəmiyyət özünü təhlükəsiz hiss edirsə, deməli, dövlət təhlükəsizdir. Ona görə də qırmızı xətlə keçən bu ideya həm Hərbi doktrinada, həm qanunda, həm də konsepsiyada öz əksini tapmışdır ki, biz bütövlükdə Azərbaycan Respublikasının müdafiəsini təmin edə bilək. Hesab edirəm ki, müzakirənizə çıxarılmış bu konsepsiya çox kamil bir sənəddir. Bayaq qeyd etdiyim kimi, çoxlu sayda ölkələrin təcrübəsindən istifadə olunubdur. Regionda, beynəlxalq aləmdə baş verən, qloballaşma siyasətindən irəli gələn məsələlər burada öz əksini tapmışdır. Doğrudan da, bizim milli və dövlət maraqlarımızı müdafiə edə biləcək bir sənəd ortaya çıxara bilmişik. Təşəkkür edirəm, sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Məlahət xanımın sualı var, buyursun. 
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Mən Ziyafət müəllimə minnətdaram, Hərbi doktrina ilə bağlı çox gözəl təqdimat verdi. Hörmətli Ziyafət müəllimə iki sualım var. Əslində, bir sualımı qismən izah etdi. Beynəlxalq təcrübədə hərbi doktrina daha üstünmü götürülür, yəni belə adlandırılması? Bizdə də möhtərəm Prezidentin imzaladığı dövlətimizin təhlükəsizlik konsepsiyası var. Hərbi doktrina da, demək olar ki, təhlükəsizlik konsepsiyasını tam tənzimləyir. Amma onun adının təhlükəsizlik konsepsiyası, bunun hərbi doktrina olması ilə bağlı bir aydınlıq gətirilməsini istərdim.
İkincisi, Hərbi doktrina haqqında qanun layihəsində Azərbaycanın strateji müttəfiqləri ilə bağlı müəyyən  maddələrin  təsbit olunmasına sizin münasibətinizi bilmək istərdim. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 30 nəfər çıxışa yazılıb. Mən istərdim, hamı fikrini bildirsin. Əgər etiraz etmirsinizsə, 5 dəqiqəyə keçək. Etiraz yoxdur ki? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Zahid Orucov.
Z.Orucov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Vaxtın 5 dəqiqə olmasını nəzərə alaraq çox sürətlə bir sıra fikirlərimi qeyd etmək istəyirəm. Birinci, heç şübhəsiz, ərazi bütövlüyü təmin olunmuş Azərbaycanın Hərbi doktrinası fərqli olardı. Belə bir sənədi təcavüz şəraitində yaşadığımız dövrdə qəbul ediriksə, bu sənədin əsas motivi və silahlı qüvvələrin qarşısında qoyulan birinci vəzifə məhz torpaqların  işğaldan azad olunması faktıdır. Bu sənəd bu ideyaya tabe edilibdir. Ona görə də doktrinanı bir cümlə ilə ifadə etmək lazım gəlsə, bunu Azərbaycan ərazilərini işğaldan azad etmək vəzifəsini özündə ifadə edən doktrina sayardım.
İkincisi, hörmətli Ziyafət müəllim çox haqlı olaraq qeyd etdi, cənab İlham Əliyevin idarəçilik dövrü təhlükəsizlik sferası ilə bağlı çox mühüm addımlarla xarakterizə olunur. Bu, kəşfiyyat, əks-kəşfiyyat, dövlət sirri, səfərbərlik, təhlükəsizlik konsepsiyası kimi sənədlərin qəbulunda, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasında, cənab Prezidentin hər bir bölgəyə səfəri zamanı hərbi hissələri ziyarətdə və Ali baş komandan olaraq əsgəri və zabiti, necə deyərlər, özünün yoxlamasında və nəzarətində göstərir.
Konkret olaraq Hərbi doktrinanın bir sıra mühüm müddəalarını burada qeyd etmək istəyirəm. Təbii ki, bu, təhlükəsizlik mühitinə daha çox aksent olunur. Beynəlxalq təhlükəsizlik mühitində  əsas regional və daxili risklər nədir. Mənə elə gəlir ki, bu sənəd həmin o tezisləri özündə çox yaxşı ehtiva edir. Sonra Dağlıq Qarabağda sürətlə silahlanmanın getməsi və bunun mühüm beynəlxalq sənədləri pozması burada yer alıbdır. Biz bu amilə çox az diqqət yetiririk. Azərbaycanda, bizim sərhədlərimizdə  atəşkəs müntəzəm şəkildə pozulmaqdadır. Bu atəşkəs nəticəsində dinc dövrdə 1500-dən artıq Azərbaycan insanı həyatını itiribdir. Bu, atəşkəsin özünün nə dərəcədə kövrək xarakter daşıdığını və istənilən halda pozula biləcəyi ehtimalı deməkdir.
Mən bu gün cari məsələlərin müzakirəsinə yazılmışdım. Əslində, bu məsələni qaldırmaq istəyirdim ki, biz məskunlaşdırma ilə bağlı məsələyə beynəlxalq  diqqəti cəlb etmək üçün addım atdıq, faktaraşdırıcı missiya yarandı. Ermənistanın gətirdiyi silahları Ermənistanda saxlamaması, yoxlamadan yayınmaq naminə Qarabağa toplaması faktdır. Biz indi növbəti addımları atmalıyıq ki, bundan ötrü də faktaraşdırıcı missiya yaradılsın. Bu fakt burada öz ifadəsini tapıbdır.
Azərbaycan ərazilərinə qonşu dövlətlər tərəfindən iddialar 21-ci maddədə öz ifadəsini tapıb və “qonşu dövlətlər” kimi qeyd olunubdur. Yeri gəlmişkən, yəqin, bundan sonrakı çıxışlarda da ayrı-ayrı dövlətlərin birbaşa adının çəkilməsi istəniləcəkdir. Mən çox istərdim ki, bəri başdan bu məsələyə aydınlıq gətirilsin. Ən azı mənim subyektiv mövqeyimə görə, bu, təhlükəsizlik sənədidir, təhlükə sənədi yox. Yəni bütün təhlükə anlarını adbaad bura daşımaq heç bir halda Hərbi doktrinanı gücləndirmir, əslində, onu bir sıra hallarda Azərbaycanın maraqlarının əleyhinə çevirir. Diqqət etsəniz, burada Azərbaycanın qonşu sərhədlərində hərbi bazaların yerləşdirilməsi, qruplaşmaların cəmləşməsi fikri yer alıb. Bu, aşkar şəkildə Ermənistanın “Cənub cinahı” adı ilə sürətlə silahlanması xəttinin yürüdülməsi ilə əlaqədar müddəadır. Bunun kimin apardığı da heç kəsə sirr deyil.
Diqqətinizi cəlb etmək istədiyim başqa bir məsələ 29-cu bəndədir. Bu, xarici hərbi bazaların müvəqqəti dövr üçün Azərbaycan ərazilərində yerləşməsinə müstəsna hal kimi icazə verilməsi faktıdır. Milli təhlükəsizlik konsepsiyasında və qanunda bu, yasaq olunurdu. Bu, yenilikdir. Düşünürəm, o dövr o müddəa xeyrə işlədi. Azərbaycan o dövrdə belə bir müddəanı qanunvericilik aktlarına gətirməklə özünə ancaq təhlükə vəd edərdi. Amma indiki gerçəklik və gələcək  siyasi təhlükəsiz mühiti dəyişəcəyi təqdirdə bu addımın atılması çox normaldır. Amma heç bir halda bu o demək deyil ki, sabah Qərb ordusunun Azərbaycana gətirilməsi ilə bağlı razılaşma var.
Mən əsas fikirlərimin yarısının yarısını deməmişəm. Zaman bizi haqlayır. Mən çox istərdim, bu sənəddə bir fakt nəzərə alınsın. Yəni ölkə özünün hərbi təhlükəsizliyini müxtəlif amillərlə, həm də ikitərəfli, çoxtərəfli beynəlxalq hərbi əlaqələrlə  təmin edə bilər. Türkiyə ilə son addımlarımız Strateji tərəfdaşlıq şurasının yaradılması ilə bağlıdır. Cənab Prezidentin bu səfərində  bu istiqamətdə addımların atılacağı ilə bağlı informasiyalar var. Mən çox istərdim ki, Türkiyənin adı bizim Hərbi doktrinada, hərbi təhlükəsizlik, siyasi təhlükəsizlik məsələsində əməkdaşlıq etdiyimiz tərəf kimi özünün ifadəsini tapsın. Onlarca ölkənin təhlükəsizlik sənədlərində adlar var. Mən istəmirəm, onlarca ölçü olsun, heç olmasa, bir ölkə...
Sədrlik edən. Hörmətli Zahid müəllim, Azərbaycan heç bir bloka qoşulmayan bir ölkədir. Biz Hərbi doktrinada bunu yazmaqla blok yaradırıq. O məsələlərdə diqqətli olmalıyıq, bizim öz siyasətimiz var. Aydın Mirzəzadə, buyurun.
A.Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Parlamentdə və cəmiyyətdə Hərbi doktrinanın layihəsi çoxdan gözlənilirdi. Sənəd bizə təqdim ediləndən və  diqqətlə öyrəniləndən sonra bizim gözlədiklərimizə  cavab verdiyi tamamilə aydın oldu. Hərbi doktrinanı bəlağətli şəkildə istənilən ölkənin hərbi konstitusiyası da adlandırmaq olar. Prinsipcə bu, təkcə ölkənin müdafiə siyasətini deyil, ölkənin müdafiə siyasətinə təsir edən bütün faktorları kifayət qədər  özündə nəzərə alır. Yəni Hərbi doktrinaya diqqətlə nəzər yetirdikdə görünür ki, burada ordu quruculuğu ilə yanaşı, ölkənin ərazi bütövlüyünə təhlükə törədəcək bütün faktorlar, ölkənin müdafiəsinə problem yaradacaq bütün hallar nəzərdə tutulubdur. Bu, yeni bir faktordur və deyərdim ki, xarici təcrübə və Azərbaycan təcrübəsi nəzərə alınaraq işlənməsi bugünkü tələblərimizə cavab verir.
Bəzi hallarda opponentlərimiz doktrinanın gecikdiyi, Azərbaycanda Hərbi doktrinanın olmamasının müəyyən problemlər yaratması haqqında  əsası olmayan fikirlər irəli sürürdü. Doktrina rəsmi şəkildə yox idi. Ancaq ortada Azərbaycanın Konstitusiyası, hərbi qanunvericiliyi və ölkə Prezidenti, Azərbaycanın Ali baş komandanı cənab İlham Əliyevin ordu quruculuğu, müdafiə siyasəti sahəsində konkret işi var idi. Bütün bunların hamısı doktrinanın vəzifəsini yerinə yetirirdi. Bu gün doktrinanın müzakirəsi və qəbul edilməsi ümumilikdə götürəndə Azərbaycanın müdafiə sistemini tamamilə bütövləşdirdi.
Hərbi doktrinamızda bütün hallar nəzərə alınıbdır. Burada qeyri-qanuni miqrasiya, daxili stabilliyin qorunmasında yaranan təhlükə, vahid hərbi komandanlıq məsələsinin vacibliyi – bütün bunların hamısının sadalanması bir daha göstərir ki, ölkə özünün müdafiə siyasətinin qorunmasında ona təsir edən bütün amilləri nəzərə almağa çalışır. Burada  Azərbaycanın ordu quruculuğunda, müdafiə siyasətində irəli sürdüyü siyasət, toplanan təcrübə, eyni zamanda, xarici təcrübə kifayət qədər nəzərə alınmışdır.
İki ana toxunaraq çıxışımı yekunlaşdırmaq istəyirəm. Birincisi, qeyd edilir ki, 29-cu maddə də “istisna hallarda Azərbaycanda müvəqqəti olaraq hərbi bazaların yerləşdirilməsi” məsələsi yenidir  və bunun Azərbaycan üçün  hansı problemləri və yaxud üstünlükləri ola bilər? Birinci, bu ancaq istisna halında, Azərbaycanın milli maraqlarına cavab verən hallarda və eyni zamanda, konkret olaraq müddəti, səlahiyyəti göstərilən şərtlərlə yerləşdirilə bilər. Əgər bu, Azərbaycanın maraqlarına xidmət edəcəksə,  ərazi bütövlüyünü təmin edəcəksə, Azərbaycan lazım olanda bu faktordan niyə yararlanmasın?
İkinci məsələ isə Azərbaycanın dostlarının və yaxud da əməkdaşlıq etdiyi hərbi bloklarının göstərilməməsi məsələsi idi. Hesab edirəm ki, biz konkret dostları və yaxud da konkret hərbi blokları deyil, prinsiplərimizi ortaya qoymalıyıq. Həmin prinsiplərə cavab verənlər bizim dostlarımızdır. Həmin prinsiplərlə bizimlə əməkdaşlıq edən artıq Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardır. Bu prinsiplərə cavab verən bir nömrəli ölkə, əlbəttə ki, bizə dost, qardaş olan Türkiyə Respublikasıdır ki, Azərbaycanın bütün çətin anlarında yanında olub və Azərbaycan da Türkiyə ilə əməkdaşlığı özünün strateji momentlərindən sayır. Hərbi təşkilatlarla əməkdaşlığa gəldikdə isə bu gün Kollektiv təhlükəsizlik müqaviləsi bloku ilə Azərbaycan əməkdaşlıq edə bilməz, çünki Azərbaycanın təhlükəsizliyinə birbaşa böyük problem yaradan Ermənistanın işğalçılıq siyasətini heç bir zaman pisləməyibdir. Yəni bu baxımdan doktrina bir tərəfdən nəzəri rol oynayaraq, ölkənin əməkdaşlıq edəcəyi və sıx əlaqə yaradacağı təşkilatlar və ölkələr üçün  öz prinsiplərini ortaya qoyur. Hesab edirəm ki, doktrina çox peşəkarcasına, yüksək səviyyədə hazırlanmışdır və Azərbaycanın bugünkü və sabahkı tələblərinə cavab verir. Ali baş komandanın ordu quruculuğu, ölkənin müdafiə sisteminin yaradılması sahəsində apardığı işə çox gözəl bir köməkdir. Bu baxımdan layihənin və qəbul edilməsini məqbul hesab edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri,  müzakirə etdiyimiz sənəd barədə hörmətli Ziyafət müəllim geniş məlumat verdi. Eyni zamanda, sənədi oxuyarkən hiss olunur ki, indiyə qədər müstəqil Azərbaycan dövlətçiliyində, ümumiyyətlə, xarici və daxili münaqişələrdə nə qədər problemlərlə üzləşmişiksə, burada onların hamısından müdafiə olunmaq üçün müvafiq maddələr öz əksini tapmışdır. Eyni zamanda, bu doktrinanın qəbul olunması barədə bizim hörmətli deputatlarımız tərəfindən vaxtilə yaxşı mənada təşəbbüslər, fikirlər söylənilibdir. Hətta bizim xanım deputatlarımızdan, o cümlədən Bahar xanımdan  bir neçə il bundan əvvəl bu sənədin qəbul olunması barədə eşitmişəm. İndi bu sənəd mükəmməl bir şəkildə hazırlanıb müzakirəyə çıxarılmış və burada istər beynəlxalq aləmdə, istərsə də daxildə mövcud olan bütün müdafiə və hərbi təhlükəsizlik amilləri öz əksini tapmışdır.
Hörmətli Sədr, düzdür, burada bəzən doktrinanın qəbul olunmasının gecikməsi barədə fikirlər səslənir. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan rəhbərliyi harada olursa, hansı məqamda olursa, Azərbaycanın yazılmamış, qəbul edilməmiş doktrinasındakı prinsipləri və ümumiyyətlə, mövcud Milli təhlükəsizlik konsepsiyasını Azərbaycan dövlətçiliyinin tələb etdiyi müvafiq prinsip və beynəlxalq ənənələr üzrə yerinə yetirmişdir. Xüsusilə bax bu günlərdə Sizin Moskva səfərinizdə Sergey Mironovla görüşünüz zamanı Azərbaycan parlamentinin etiraz səsini ifadə edən sualınıza qarşı o bildirdi ki, biz Dağlıq Qarabağ kimi bir dövlət tanımırıq və tanımaq fikrində də deyilik. Əlbəttə, bu özü bütün istiqamətlərdə Azərbaycanın, Azərbaycan rəhbərliyinin, eləcə də Azərbaycanın hər bir vətənpərvər və ləyaqətli övladının hər bir diyarda, hər bir yerdə Azərbaycanı yüksək səviyyədə təmsil etməsinin bilavasitə nəticəsidir.
Mən hesab edirəm ki, doktrinanın üzərində çox peşəkarlıqla işlənmişdir. Amma bu sənəd indiyə qədər qəbul olunmamışdırsa, bu o deməkdir ki, Azərbaycan istər beynəlxalq səviyyədə, istərsə də daxildə özünün imicini qoruyurdu və münasibətlərin get-gedə sağlamlaşdırılması istiqamətində uğurlar qazanırdı. Eləcə də, bizə qarşı törədilən təcavüzlərin  və Azərbaycanın işğal olunmuş torpaqlarının işğaldan azad olunması istiqamətində mümkün nə varsa, bütün detalları ilə həyata keçirilmişdir.   Ziyafət müəllim çox gözəl dedi, müdafiə təhlükəsizliyi çox geniş bir anlayışdır. Bu, sözün əsl mənasında, bizə nə üçün lazımdır?  Cənab Prezidentimizin dediyi kimi, Azərbaycan  tezliklə hansı yolla olur-olsun, torpaqları işğaldan azad etməlidir. Bu zaman əgər o müdafiə təhlükəsizliyi varsa, biz mətbuat və ayrı-ayrı bölgələrdə təbliğat vasitəsilə  Azərbaycanı qınaq yerinə çevrilməsindən qorumuş oluruq. Mən hesab edirəm ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin təbii iqtisadi potensialı və müasir ekoloji vəziyyəti barədə biz təbliğatları genişləndirəriksə, bu özü səmərəli nəticələr verər. Yəqin ki, bu istiqamətdə işlər gedir. Amma mənə elə gəlir ki, bu istiqamətdə fəaliyyətimizi bir qədər də genişləndirə bilərik. Cənab Sədr, mən hesab edirəm, sənəd  olduqca mükəmməldir və mən sənədin qəbul edilməsinə  səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Asim Mollazadənin sualı var, buyurun. Qısa şəkildə, xahiş edirəm.
A.Mollazadə. Hörmətli cənab Sədr, mənim sualım bir məsələ ilə bağlıdır. Hamımız çox gözəl bilirik ki, NATO-nun təməl sənədində beşinci bənd var. Bu təşkilata üzv olan hər hansı bir ölkəyə hücum olarsa,  bu, bütün təşkilata müharibə elanı kimi qəbul olunur. Səhv eləmirəmsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (ODKB) daxil olan ölkələr, o cümlədən Rusiya təmsilçisi dəfələrlə deyib ki, Ermənistana yaxud da digər üzvlərə istənilən hücum bütün təşkilat ölkələrinə hücum kimi qəbul olunur. İndi Siz dediniz ki, bloklara daxil deyilik və bunu planlaşdırmırıq. Amma hər hansı bir ölkə ilə müvafiq saziş imzalana bilər. Bu məntiqlə Azərbaycanla Türkiyə arasında ortaq müdafiə barəsində hər hansısa bir sazişin imzalanması nəzərdə tutulurmu? Çünki bizim ümumi müdafiə sistemimizdə və Hərbi doktrinamızda bir bənd var. Azərbaycan hər hansı bir xarici ölkənin bazasını öz ərazisində yerləşdirə bilər. Deməli, biz ancaq bizimlə müvafiq sazişi olan təşkilatların və ya ölkələrin  bazasını ərazimizdə yerləşdirə bilərik. Mənim sualım bilavasitə Azərbaycan  və Türkiyənin müdafiə sazişi ilə bağlıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Dalbadal suallar olacaq, çıxışlara vaxt qalmayacaq. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, Oqtay müəllim. Mənim sualım Ziyafət müəllimədir. Ümumiyyətlə, bu, sənədin təsdiq olunması proseduru ilə bağlıdır. Bu, cənab Prezident tərəfindən Milli Məclisdə təsdiq olunmaq üçün göndərilib. İndi burada da müxtəlif fikirlər, təkliflər səsləndirilir. Bu xarakterli sənədlər ya təsdiq olunur, ya da təsdiq olunmur. Əgər müzakirədə  əlavə təkliflər, dəyişikliklər səsləndirilirsə, bunun sənəddə əks olunması nə dərəcədə mümkündür? Çünki bu, yenidən Prezident Administrasiyasına qaytarılmalıdır. Orada bu əlavələr edilib təzədən Milli Məclisə qaytarılacaq, yaxud bunlar hansı formada nəzərə alınacaq? Ona görə buna bir izahat verilməsini istərdim. Yəni çıxışa yazılanlar da çoxdur və çoxlu fikirlər də səsləndiriləcək. Yəni bu fikirlərin səsləndirilməsinin sənədə bir təsiri olacaq, yoxsa olmayacaq? Hər halda bunu bilək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev buyursun.
A.Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Düşünürəm ki, bu cür ciddi sənədə fikir bildirmək çox böyük məsuliyyət, eyni zamanda, onunla yaxından tanışlıq tələb edir. Mən şəxsən Hərbi doktrina layihəsini oxumuşam və sizə deyirəm ki, kifayət qədər təkmil və hərtərəfli hazırlanıbdır. Əlbəttə,  ola bilsin, burada daha çox mütəxəssis, ekspert rəyi xüsusi rol oynaya bilər. Amma mənim başa düşdüyüm qədər  qarşıya qoyulan vəzifə bu layihədə öz əksini tapıbdır. Həm də onu  bununla əsaslandırmaq istəyirəm ki, son bir həftədir, bu, ictimai müzakirələrdə də müzakirə predmetinə  çevrilibdir. Ayrı-ayrı qurumlar tərəfindən buna rəy bildirilir və mənim bildiyim qədər bu doktrinaya hər hansı bir ciddi etiraz, yaxud da ciddi tənqidi fikirlər də olmayıbdır.
Yalnız xarici hərbi bazanın yerləşdirilməsi perspektivi ilə bağlı fikirlə rastlaşdım. Məndən öncə bu məsələyə kifayət qədər aydınlıq gətirildi. Mən də elə bu fikirdən başlamaq istəyirəm. Layihənin 21-ci maddəsində açıq şəkildə qeyd olunur ki, Azərbaycan hər hansı bir formada xarici hərbi asılılığa düşməməlidir, hərbi xarici asılılığı qəbul etmir. Buna görə də hər hansı bir ciddi zərurət yaranarsa, hər hansı bir xarici  hərbi bazanın  yerləşdirilməsi məsələsi gündəmə gələrsə, mənə elə gəlir ki, həm vaxt, həm də təhlükəsizlik baxımından kifayət qədər dəqiq çərçivə göstərilməlidir.
Bütövlükdə isə layihə kifayət qədər ciddi strukturlaşıbdır. Burada Azərbaycanın təhlükəsizliyi üç baxımdan qeyd olunubdur. Qlobal,   regional və milli baxımdan. Əlbəttə, mən qlobal və regional baxımdan təhlükəsizliyə vaxt ayırmağa ehtiyac görmürəm və milli baxımdan təhlükəsizliyin bir sıra istiqamətləri ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Bizim üçün bu gün ən birinci hərbi təhdid, yaxud da xarici təhlükə burada da qeyd olunduğu kimi, Ermənistanın təcavüzkarlığıdır. Çox önəmli məsələlərdən biri budur ki, Ermənistanın təcavüzkarlığı bir fakt olaraq qeyd olunmaqla yanaşı, onun törətdiyi fəsadlar da burada qeyd olunur.
İkinci bir tərəfdən, bu gün açıq şəkildə qeyd olunur ki, əgər Ermənistan sülh danışıqları prosesinə sədaqət nümayiş etdirməsə, sülh yolu ilə məsələ həll olunmasa, təbii ki, o zaman Azərbaycanın bütövlüyü çərçivəsində hərbi güc qaçılmazdır. Mən deyim ki, ilk dəfədir, bizim sənəddə bu öz əksini tapıbdır. Baxmayaraq ki, cənab Prezident dəfələrlə bu barədə bəyanatlar verib, dövlətin mövqeyini sərgiləyibdir, amma bizim Hərbi doktrinada bunun əks  olunması çox mühüm bir məsələdir.
Sonra, burada Azərbaycanı təhdid edən digər məqamlar da yer alıbdır. Xüsusilə burada Azərbaycanda separatizm, radikal separatizm, dini radikalizm, beynəlxalq terrorçuluq, etnik təmizləmə siyasəti ilə bağlı xüsusi müddəalar var. Hesab edirəm ki, bu gün, həqiqətən də, bu cür təhdidlər mövcuddur və ən müxtəlif qrupların, dövlətlərin, yaxud da qüvvələrin hələ də Azərbaycanda bu cür fəaliyyəti istisna edilmir.
Burada digər mühüm məsələ, hesab edirəm, çox strateji bir məsələdir. Bu, Azərbaycanın NATO ilə  münasibətlərinin yeni bir formada qeyd olunmasıdır. Mən hesab edirəm, Azərbaycan çox praqmativ bir siyasət yürütməlidir. Siz fikir versəniz, burada yalnız və yalnız NATO-nun adı çəkilir və NATO ilə bundan sonra əməkdaşlıq da qeyd olunur. Bu o deməkdir ki, bundan sonra bizim NATO ilə, Atlantik məkanla  əməkdaşlığımız davam edəcəkdir. Bu isə çox mühüm bir elementdir ki, bunu da, sadəcə olaraq, qeyd etmək lazımdır.
Azərbaycanın hərbi-siyasi vəziyyətindən asılı olaraq sülhyaratma qüvvələrini geri çağırma haqqında hüququnu özündə saxlaması xüsusi önəm daşıyır. Mən hesab edirəm ki, Kosova hadisələri bir daha göstərdi ki, Azərbaycan çox doğru bir siyasət yürüdür. Bu, Azərbaycanın siyasi maraqlarına, milli təhlükəsizliyinə uyğun gəlməyən bir haldır, ona görə Kosovadakı sülhməramlı qüvvələrini geri çağırdı. Hesab edirəm, bu da konsepsiyada əks olunubdur və çox önəmli məsələdir.
Mənim vaxtım yekunlaşır, amma bir cümlə də demək istəyirəm. Burada yalnız hərbi və separatçılıq baxımından təhlükə yox, həm də  maliyyə böhranı, yoxsulluqla bağlı mübarizədə də Azərbaycan öz mövqeyini sərgiləyibdir. Hesab edirəm, bu çox doğrudur.  Mən bütövlükdə  işçi qrupunun üzvlərinin hamısını belə bir mükəmməl sənəd hazırladıqlarına görə təbrik edirəm. Hesab edirəm, bu bizim təhlükəsizliyimizi daha da möhkəmləndirəcəkdir. Təşəkkür edirəm və layihəyə səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə çox gözəl şərh verdi. Biz bu 29-cu maddəyə bir də qayıdırıq. Mən maddəni oxuyum, diqqətlə qulaq asın. Yazılır ki, Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bu yazılıb. Ancaq heç bir qanun olduğu şəkildə həmişə axıra kimi gedə bilməz. Maddənin arxası belə davam edir: “...Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə (burada izah olunur) Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır”. Burada aydın olmayan nə var? Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun, hörmətli cənab Sədr. Təbii ki, belə bir  mükəmməl sənədin Milli Məclisə təqdim edilməsi təqdirəlayiq hadisədir, alqışlanmalıdır. Mən bəri başdan, fikrimi söyləməmişdən öncə demək istəyirəm ki, işçi qrupuna öz təşəkkürümü bildirirəm. Nəhayət ki, Azərbaycan dövlətinin   taleyüklü məsələlərinin həllində son dərəcə mühüm əhəmiyyət kəsb edən bu sənəd bizim müzakirəmizə təqdim olunubdur. Mən tamamilə əminəm ki, bu, qəbul olunacaqdır.
Mənə belə gəlir ki, doktrinanın qəbul edilməsini şərtləndirən bir sıra səbəblər var. Birincisi, 20 ildən yuxarıdır ki, Azərbaycanın  ərazisi Ermənistan tərəfindən işğala məruz qalıb. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, Minsk qrupu ən müxtəlif səviyyələrdə buna təzyiqlər göstərir, ayrı-ayrı sənədlər mövcuddur, Ermənistan hələ də işğal olunmuş ərazilərdən çıxmaq haqqında düşünmür. Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etməkdədir.
İkinci, Azərbaycan separatizmin ağır nəticələrini özündə daşıyıb, bunu bilir. Əlbəttə ki, söhbət təkcə Dağlıq Qarabağdan getmir. Xatırlatmaq istəyirəm ki, vaxtilə Sadvalın da şimalda belə bir separatizmi var idi və o da Azərbaycan üçün çox böyük problemlər yaratmaqda idi. İstisna olunmur ki, gələcəkdə ayrı-ayrı xarici qüvvələr bir daha Azərbaycanın   müxtəlif bölgələrində separatizmi bu və ya digər şəkildə qıcıqlandıra, qızışdıra və  alovlandıra bilərlər.
Üçüncü, çoxları, ola bilsin, bir məsələni demir, amma mən xahiş edirəm ki, bu fikirlərimlə kimsə razı deyilsə, məni ittiham etməsin.  İranın Azərbaycana qarşı ərazi iddiaları var. Yəni Azərbaycanın Xəzərə aid sektoruna qarşı İranın çox ciddi iradları var. Deməli, su hövzəsinə və onun  kənarındakı torpaqlara və sairə çox ciddi ərazi iddiaları var. Bu təhdidlər, bu təhlükələr var.
Dördüncü məqam ondan ibarətdir ki, ayrı-ayrı radikal qüvvələr və ayrı-ayrı dövlətlər Azərbaycanda antikonstitusion çıxışlarını edə bilərlər. Necə ki buna dəfələrlə bu və ya digər şəkildə cəhdlər olubdur və bu təhlükə heç zaman istisna olunmur. Lakonik olaraq söylədiyim bu amillərə söykənərək demək istəyirəm ki, təqdim edilmiş  Hərbi doktrina bütün bu amillərin qarşısını almaq üçün  mükəmməl bir sənəd kimi artıq bizim müzakirəmizə təqdim olunubdur. Bu sənədin qəbulu ilə, əslində, bütün amillərin aradan qaldırılması üçün Azərbaycan dövlətinin iradəsi ortalıqda olacaqdır. Doktrina dünyada gedən geopolitik proseslər, qlobal təhlükəsizlik mühitinin diktə etdiyi amillər, Azərbaycanın yerləşdiyi coğrafi məkanın doğurduğu ziddiyyətlər, xüsusi olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, gələcəkdə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun dəyişdirilməsinə cəhdlər kimi təhdidlər və təhlükələr nəzərə alınmaqla işlənilib hazırlanmış və mükəmməl sənəd səviyyəsində Milli Məclisin bugünkü müzakirəsinə təqdim olunmuşdur. Doktrina Azərbaycana təhlükə törədə biləcək bütün hərəkətlərin qarşısını almağa yönələn konsepsiyanı özündə ehtiva edir. Hörmətli həmkarlarımı belə bir mükəmməl sənədin qəbul edilməsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P.Hüseyn. Çox təşəkkür edirəm, möhtərəm Sədr. Olduqca ciddi bir müzakirə gedir. Mən Azərbaycan Respublikası Milli Məclisinin iclas salonuna baxdım ki, neçə generalımız, silahlı qüvvələrin və digər silahlı birləşmələrin komanda heyətindən kimlər, hansı hərbi ekspertlər burada iştirak edir və bu deyilən, səslənən fikirlər hansı dərəcədə doğru, düzgün qəbul edilir. Gözləyirdim ki, bəzi suallara da hər hansı bir mütəxəssis-ekspert səviyyəsində ən  azı cavab veriləcəkdir. Çox təəssüf edirəm ki, mən, ümumiyyətlə, salonda hərbi geyimdə olan dediyim  vəzifəli şəxslərdən heç kimi müşahidə eləmirəm. O cümlədən hərbi nazirimizi, daxili işlər nazirimizi, milli təhlükəsizlik nazirimizi və digər əlaqədar rəhbər şəxsləri görmürəm. Bu da bu müzakirənin keyfiyyətinə, təbii ki, xoşagələn təsir göstərə bilməz.
İkincisi, burada sənədin olduqca mükəmməl olması haqqında danışıldı. Bu sənədin üzərində, deyilənə görə, hətta xarici ekspertlərin iştirakı ilə də böyük kollektiv işləyib. Mən hesab edirəm ki, əlbəttə, burada razı olduğumuz, Konstitusiyada və qanunvericilik aktlarında ifadə olunan müddəalar vardır. Lakin hesab edirəm ki, – bu, Müsavat deputat qrupunun  üzvlərinin rəyidir, – sənəddən heç də kamil bir sənəd kimi danışmaq mümkün deyildir.
Vaxt az olduğuna görə fundamental xarakterli saydığım bir neçə məsələyə diqqətinizi cəlb edirəm. Buradan Ermənistan və Azərbaycanın problem məsələlərini çıxarın, – bunlar bir neçə müddəadır, – orada Azərbaycan Respublikasının yerinə istənilən oxşar tipli dövlətin, məsələn, Türkmənistanın adını yazın, heç nə dəyişməz. Yəni sənəd olduqca abstrakt və ümumidir. Ola bilər ki, bu, qəsdən edilmişdir. Bu da bir metodika, bir yanaşmadır. Əgər elədirsə, niyə “Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin hərbi-strateji əsasları” bölməsində çox mühüm bir, – mənim fikrimcə, yanlış, amma diskussiya üçün, təbii ki, bu fikir açıqdır,  –  məsələ irəli sürülür ki, Azərbaycan Respublikasına qarşı hər hansı dövlət tərəfindən (Ermənistan Respublikası istisna olmaqla) hərbi təcavüzün edilməsi cari mərhələdə az ehtimal olunan səviyyədədir. Eyni zamanda, həm burada, həm də təhlükəsizlik mühitinə aid olan müddəalarda göstərilir ki, ümumiyyətlə, hal-hazırda dövlətlərarası müharibələr ehtimalı azdır. Məsələn, Amerika Birləşmiş Ştatlarının İraqdakı müharibəsi, Əfqanıstanda gedən müharibə, İranla çox gərginləşən və ehtimal oluna bilən müharibə lokal müharibədirmi? Çünki yazılır ki, lokal müharibələrin təhlükəsi getdikcə artmışdır.
Eyni zamanda, “Azərbaycanın təhlükəsizlik mühiti” haqqında  bölmədə 2 mühüm  müddəa vardır ki, hazırda qlobal təhlükəsizliyi özündə əks etdirir. Məsələn, yanacaq və enerji resurslarının azalması dövlətlərarası gərginliyi artırır. Bu, birbaşa Azərbaycana aid olan müddəadır. İkincisi, Azərbaycanın  Asiya və Avropa dəhlizinin üzərində yerləşməsi nəticəsində yenə buradakı dövlətlərarası münaqişələrin artması üçün ciddi təhlükə mənbəyi yaradır. Yəni sənədin özündə bu öz əksini tapmışdır. Hesab edirəm ki, belə bir mühüm müddəa Azərbaycanın Hərbi doktrinası üçün fundamental əhəmiyyətə malikdir. Belə bir məsələ burada özünün yanlış  əksini tapmışdır.
İkinci bir qrupa keçmək istəyirəm. XX və XXI əsrlərin təcrübəsi göstərmişdir ki, yalnız demokratik ölkələr və demokratik cəmiyyətlər hərbi münaqişələrdə qalib gəlir. Demək olar ki, istisna olan hallar yoxdur. Ona görə də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təminatı üçün Azərbaycan Respublikasının demokratik yolla inkişafının  rolu məsələsi, hesab edirəm, doktrinada  ümumi şəkildə olsa da,  öz əksini tapmalıdır.
Yenə bir mühüm məsələyə diqqəti cəlb etmək istəyirəm. Burada Konstitusiya quruluşu əleyhinə qəsdləri dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilati strukturunun dağıdılması və ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş cəhdlər kimi ümumi, fəlsəfi, siyasi xarakterli müddəalarla  Hərbi doktrinada əks etdirilməsini doğru hesab eləmirəm.
Ordu quruculuğu ilə bağlı mühüm bir məsələ vardır. Burada belə bir ifadə işlənir ki, bu, qarışıq əsasda, könüllülük və çağırış üzrə formalaşır. Hesab edirəm, burada terminoloji dəyişiklik etmək mümkündür. Sənədin özündə də bu vardır. Sənəddə “peşəkar hərbi xidmət” ifadəsi işlədilmişdir. Daha doğru olardı ki, “könüllülük” ifadəsi bu terminlə əvəz edilsin.
Nəhayət, hesab edirəm ki, bizim qanunvericilikdə mövcud olan çox mühüm bir müddəa Hərbi doktrinaya daxil edilməlidir. Bu, hərbi xidmətin, hərbi qulluğun ən üstün dövlət qulluğu olması haqqındakı müddəadır. Məhz bizim hərbi qulluqçuların statusu, onların təminatı ilə bağlı məsələlərə məhz bu fundamental xarakterli müddəadan çıxış edərək cavab verməliyik. Bütün bunları nəzərə alaraq biz bir neçə oxunuşun tərəfdarıyıq. Ona görə də mən bugünkü sənədin əleyhinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Mənim heç şübhəm yox idi, Pənah bəy, sən bu sənədin lehinə səs verməyəcəksən. Amma bu Hərbi doktrina, əsasən, müdafiə xarakterlidir. Bütün ölkələrdə belədir. Biz burada “Barbarossa” proqramı yazmayacaqdıq ki. İkinci, müdafiə nazirinin müavini burada əyləşib. Sən də həmin komitənin üzvüsən, burada  ekspert də əyləşib, bütün suallara cavab verir. Heç narahat olma, sən suallarını ver, cavab alacaqsan. Sual da olmadı. Aydın Həsənov buyursun.
A.Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Azərbaycan Respublikasının möhtərəm Prezidenti tərəfindən imzalanıb müzakirəmizə göndərilən Hərbi doktrinanı təqdirəlayiq hesab edirəm. Öncə deməliyəm ki, mühüm müddəalarda da qeyd olunduğu kimi, bu sənəd Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olmaqla yanaşı, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir. Qətiyyətlə demək olar ki, “Hərbi doktrina” adlandırılan bu sənəd müharibə vəziyyətində olan Azərbaycan üçün həyati əhəmiyyətli strateji sənəddir.
Doktrinada Azərbaycanın milli maraqları kompleks şəkildə təsbit olunub. Bayaq qeyd etdiyim kimi, ölkəmizin müharibə vəziyyətində olması, habelə onun təhlükəsizliyinin təminatına bilavasitə cavabdeh olan bir sıra beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti sənəddə əks olunub. Müzakirə etdiyimiz bu doktrina, eyni zamanda, preventiv mahiyyətlidir. Yəni qabaqlayıcı tədbirləri nəzərdə tutur ki, bu da bu sənədin hazırlanmasında beynəlxalq təhlükəsizlik və müharibə məsələlərini dərindən bilən mütəxəssislərin bu işə cəlb olunduğundan xəbər verir.
Azərbaycan Respublikasının Hərbi doktrinasının mütəxəssislər korpusu tərəfindən mükəmməl hazırlandığını qeyd etsəm də, mühüm hesab etdiyim bəzi istisnaları da nəzərinizə çatdırmaq istərdim. Düşünürəm ki, qeyd edəcəyim bu amil heç də gərəksiz deyil. Əksinə, faktiki çatışmazlıq kimi görünən bu amil sənədi daha da mükəmməlləşdirəcəkdir. Doktrinanın “Hərbi qulluqçunun inkişaf perspektivləri” adlandırılan VII bölməsində deyilir: “Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin cari mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetləri aşağıdakılardır: vətəndaşların hərbi xidmətə məqsədyönlü hazırlığı, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin ehtiyatının hərbi hazırlığının saxlanılması, habelə əhalinin ərazi və mülki müdafiə məsələlərinin həllinə hazırlığı, şəxsi heyətdə Azərbaycan Respublikasına, Azərbaycan xalqına, Hərbi anda sədaqətin, habelə öz Vətəninin tarixinə və ənənələrinə dərin hörmətin, Vətənin müdafiəsi üçün yüksək şəxsi məsuliyyətin formalaşdırılması, gənclərdə hərbi xidmətə marağın artırılması”. Göründüyü kimi, burada söhbət vətəndaşların, gənclərin hərbi xidmətə məqsədyönlü hazırlığından, gənclərdə hərbi xidmətə marağın artırılmasından və onların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasından gedir.
Hərbi xidmətə məqsədyönlü hazırlıq, habelə gənclərdə hərbi xidmətə marağın artırılması o deməkdir ki, bütün bu proseslər hərbi xidmətə qədər olan prosedurlardır. Fikrimcə, mənimlə siz də razılaşarsınız ki, burada söhbət orta və ali məktəblərdən gedir. Elə bu yerdə çox təəssüflə qeyd etməliyəm ki, bu gün orta və ali məktəblərdə, doktrinada vurğulandığı kimi, vətəndaşların hərbi xidmətə məqsədyönlü hazırlığından, gənclərdə hərbi xidmətə marağın artırılmasından söz açmağa dəyməz. Çünki hər birimizin bildiyi kimi, orta məktəblərdə hərbi hazırlıq dərsləri, ali məktəblərdə isə hərbi kafedralar çoxdan ləğv olunub. Odur ki, Hərbi doktrinada irəli sürülən müddəaların reallaşması üçün orta və ali təhsil müəssisələrində hərbi dərslər bərpa olunmalıdır. Mən keçmiş hərbçi kimi deyə bilərəm ki, gənclərdə hərbi xidmətə maraq məhz orta məktəb illərində formalaşır. Məncə, elə müzakirə etdiyimiz sənəddə də, doktrinada da bundan bəhs edilir və bu məsələ aktual, eyni zamanda, problem olaraq qalır.
Hörmətli millət vəkilləri, müzakirə etdiyimiz Hərbi doktrina barədə daha bir fikrimi sizinlə bölüşmək istərdim. “Ümumi müddəalar” bölümündə yazılır: “Hərbi doktrinanın müddəaları Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş hərbi, siyasi, iqtisadi, sosial, informasiya, hüquqi və digər tədbirlərin əlaqələndirilməsi vasitəsilə dövlət və yerli özünüidarəetmə orqanları, Silahlı Qüvvələr, başqa silahlı birləşmələr tərəfindən həyata keçirilir. Zərurət olduqda bu müddəaların həyata keçirilməsinə vətəndaş cəmiyyətinin təsisatları və ayrı-ayrı təmsilçiləri cəlb oluna bilər”. Bir az diqqətli olan hər kəs ümumi müddəalardan tutmuş yekun müddəalara qədər bir fikrin qırmızı xətlə keçdiyini bütün bölümdə görə bilər.  Məncə, doktrinada fəaliyyətinə toxunulan bu qədər qurumun əlaqələndirilməsi pərakəndəliyi aradan qaldırmayacaq. 
Sədrlik edən. Aydın müəllim, bir dəfə demişik, çıxışların müddətini bir dəqiqə artırmırıq. Sən komitənin iclasında çıxış etmisən. Buyur, yaxşı, bir dəqiqə verirəm.
A.Həsənov. Yuxarıda sadalanan bütün sahələr üzrə mütəxəssisləri özündə birləşdirən bir institut yaradılmalıdır. Bu institut Müdafiə Nazirliyi nəzdində də ola bilər, birbaşa Ali baş komandana tabe olan bir qurum da ola bilər. Düzdür, “Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin vəzifələri”  adlı VI bölmədə bu məsələlərdən bəhs edilir. Məncə, burada yalnız hərbi strukturların mərkəzləşdirilməsi nəzərdə tutulur. Fikrimcə,  preventiv tədbirlər zamanı çox mühüm əhəmiyyət kəsb edən elmi-analitik informasiya, mülki müdafiə və sair məsələlər də unudulmalıdır. Mən fikrimi tamamlayaraq bildirmək istəyirəm ki, Azərbaycan üçün həyati əhəmiyyətli bu sənəd həmkarlarım tərəfindən yekdil səslə qəbul olunacaq. Mən də bu layihəyə səs verəcəyəm. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Mən istərdim ki, bu arada Ziyafət müəllim bəzi suallara aydınlıq gətirsin. Bəlkə gələcəkdə ortaya çıxacaq  suallar da  bir az azalar. Buyurun, Ziyafət müəllim. 
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr, minnətdarlığımı bildirirəm. Hörmətli deputatlar, əvvəla, mən sizə də öz təşəkkürümü bildirmək istəyirəm ki, sizin tərəfinizdən çox məhsuldar müzakirə gedir. Amma burada ortaya müəyyən suallar çıxdı, müəyyən fikirlər deyildi. Sözsüz ki, onlara öz fikrimi bildirmək istəyirəm.
Hörmətli Məlahət xanım burada maraqlı sual verdi ki, əgər Təhlükəsizlik konsepsiyası varsa, Hərbi doktrina nə üçün lazımdır? Hörmətli Məlahət xanım, bizim Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsində 7-ci bənd var. Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Hərbi doktrinasını Milli Məclis təsdiq edir. Yəni bu,  konstitusion tələbdir. Bu bir. İkincisi, mən çıxışımda dedim ki, hərbi doktrina Milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Fikrimi təsdiq etmək üçün cənab Prezidentin 2007-ci il 23 may tarixli sərəncamından 4-cü bəndi oxuyuram: “İşçi qrupuna tapşırılsın ki, Azərbaycan Respublikası Hərbi doktrinasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinin təsdiqinə verilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”. Yəni bu, məsələnin birinci tərəfi.
Sonra, burada ortaya sual çıxdı ki, biz niyə strateji müttəfiqlərin adlarını bura yazmamışıq? Hörmətli deputatlar, mən tam səmimiyyətlə deyirəm, işçi qrupu işləyəndə mən də müəyyən müddətə həmin işə qoşulmuşdum. Ümumiyyətlə, doktrina o sənəd deyil ki, burada dost olanın, yaxud dost olmayanın adını yazasan. Bu, sırf müdafiə xarakterli bir sənəddir və sırf Azərbaycanın müdafiəsinə bağlı olan bir sənəddir. Bəli, soruşa bilərsiniz ki, axı, bizim dostlarımız var, müttəfiqlərimiz var. Bunun üçün də Azərbaycan Konstitusiyası var. Azərbaycan Konstitusiyasına uyğun olaraq, biz beynəlxalq müqavilələr bağlaya bilərik. Məsələn, Türkiyə ilə dostluq, qardaşlıq, hərbi yardım haqqında müqaviləmiz var. Heç kim bunu qadağan etmir. Pakistanla, müxtəlif dövlətlərlə hərbi yardım haqqında  bizim  müqavilələrimiz var. Yeri gəlmişkən, onu da deyim ki,  bu günə qədər təxminən 30-dan çox ölkə ilə hərbi əməkdaşlıq haqqında müqaviləmiz var və normal işləyirlər. Amma onların hamısını bura yazmaq düzgün deyil. Yəni bu o sənəd deyil. Bu, tamamilə başqa bir sənəddir.
Burada Pənah bəy bir neçə məsələ qaldırdı. Əvvəla, deyim ki, Pənah bəyin qaldırdığı üç məsələnin üçü də burada öz əksini tapıb. İndi, bilmirəm, Pənah bəy xarici səfərdə olub, bəlkə sənədi axıra qədər oxuyub çatdıra bilməyib. Yeri gəlmişkən, onu da deyim ki, bəli, sənəd tarazlaşdırılmış sənəddir. Sənəd o cür qəbul olunub ki, heç kimi qıcıqlandırmasın. Əgər Ermənistan açıq-aşkar işğalçıdırsa, işğalçının adı göstərilməlidir. Əgər kim isə mücərrəd şəkildə hesab edirsə ki, kim isə nə vaxtsa bizə hücum edə biləcək, yaxud Azərbaycan ərazisini işğal edəcək, onda göstərə bilərik. Amma indi belə bir fakt yoxdursa, biz onu bura yaza bilmərik. Üstəlik     75-ci maddədə deyilir: “Hərbi doktrina Azərbaycan Respublikasının təhlükəsizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla, yenidən baxılma, dəqiqləşdirmə və əlavələr üçün açıq sənəddir”. Yəni sabah belə bir zərurət olsa, həmin məsələlər burada öz əksini tapacaq. Hesab edirəm ki, burada heç bir şübhə yeri yoxdur.
Burada demokratiya ilə bağlı sual oldu. Əvvəla, deyim ki, rəhmətlik Səməd Vurğunun sözü olmasın, “Əzəl mübtədası partiyamızdır”. Bizim  bütün konsepsiyamızın əzəl mübtədası demokratiyadır. Bayaq fikir verdinizsə, mən çıxışımda da dedim. Söhbət Azərbaycan demokratiyasının müdafiəsindən gedir. Buraya təsadüfən şəxsiyyət, cəmiyyət, dövlət triadası salınmayıbdır. Bizim Təhlükəsizlik konsepsiyasında da, “Milli təhlükəsizlik haqqında” Qanunumuzda da bu məsələ var. Bəs şəxsiyyət toxunulmazlığı  nədir? Konstitusion hüquq deyil? Şəxsiyyətin toxunulmazlığı, cəmiyyətin toxunulmazlığı, dövlətin toxunulmazlığı. Elə həmin hərbi doktrinanın canı bundan ibarətdir.
Yeri gəlmişkən, hərbi qulluqla bağlı bir məsələni də deyim. Siz sual verirsiniz ki, bu məsələ niyə burada yoxdur? Cənab Prezidentin 2007-ci  ildə təsdiq etdiyi Milli təhlükəsizlik konsepsiyasının 4.2-ci maddəsində yazılıb: “işçi qrupuna tapşırılsın ki, Azərbaycan Respublikasının xarici siyasət strategiyası, müdafiə icmalı, iqtisadi konsepsiyası, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat konsepsiyalarının layihəsini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”. Yəni bu hələ işin başlanğıcıdır. Hələ bundan sonra da konsepsiyalar olacaq. Sadəcə, bu Hərbi doktrinada, sözün həqiqi mənasında, bilərəkdən müəyyən detallara varmaq  olmur. Bu, ümumiləşdirilmiş bir sənəddir. Bunun əsasında bizim hərbi qanunvericiliyimizə əlavələr də olacaq. Ola bilsin, ayrı hərbi qanunvericilik aktları qəbul olunsun. Hesab edirəm ki, suallar təxminən  bundan ibarət idi.
Hərbi bazalarla bağlı məsələlərə hörmətli cənab Sədr aydınlıq gətirdi. Amma qalan məsələlərə gəlincə, mən tam səmimi deyirəm, altı ildir ki, bu sənəd üzərində iş gedir. Ölçülüb, biçilib. Mən yenə deyirəm, bəzən opponentlərimiz bizi tənqid edirdilər ki, bu sənəd niyə yubanır? Niyə qəbul olunmur? Bəli, müəyyən bir dövrdə o hazır idi. Amma bilirsiniz, 2008-ci ildə regionda müəyyən hadisələr oldu. Dünyada qloballaşma problemləri gedir. Bunların hamısını Azərbaycanın milli və dövlət maraqlarına uyğunlaşdırıb burada cəmləşdirmək üçün müəyyən vaxt getdi. Hesab edirəm ki, ortaya belə bir normal sənəd çıxıb. Mən hesab etmirəm ki, bu çox sayda sual doğura bilən bir sənəddir. Mən belə fikirdə deyiləm. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Buyursun Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Təqdim olunmuş bu sənəd, yəni Azərbaycan Respublikasının Hərbi doktrinası Konstitusiyanın 109-cu maddəsinə uyğun olaraq, Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Mən onu tam dəstəkləyirəm və səsvermə zamanı öz müsbət fikrimi bildirəcəyəm.
Hörmətli Sədr, burada səsləndi ki, ali təhsil müəssisələrində hərbi kafedraların, xüsusilə texniki ali təhsil məktəblərində hərbi kafedraların bərpası zəruridir. Azərbaycan Baloniya konvensiyasına qoşulduğu üçün belə hallara yol verilmir. Hörmətli Aydın müəllimin sözünə cavab verirəm. Digər tərəfdən, bu gün Azərbaycanın reallığı elədir ki, həqiqətən də, bu doktrina cəmiyyət tərəfindən gözlənilir və yüksək səviyyədə qəbul olunacaq.
Mən də diqqətlə bu doktrinanın mətni ilə tanış olmuşam və bütövlükdə bəyənirəm. Amma bəzi  təkliflərim var. Məsələn, 14-cü maddədə, – mən vaxt aparmamaq üçün maddənin hamısını oxumaq istəmirəm, –  işğal olunmuş ərazilərdə iqtisadi və sosial infrastrukturun dağıdılmasından bəhs olunur. Mən istərdim ki, tarixi və mədəniyyət abidələri də o sıraya daxil edilsin.
21-ci maddədə belə yazılır: “Azərbaycan Respublikasının ərazisinin bir hissəsinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması”. Bu bir qədər amorf anlayışdır, hansı tərəfə istəsən, yoza bilərsən. Mən təklif edirəm ki, burada konkret olaraq, işğal olunmuş ərazilərin 20 faiz olduğu göstərilsin, yaxud işğal olunmuş Dağlıq Qarabağın və ətraf rayonların adları çəkilsin.
Qanun layihəsi, doğrudan da, çox lakonik formada, qanunvericilik texnikasına uyğun yazılıb, başa düşüləndir. Mən çıxışlarımızın birində demişdim ki, qanun cəmiyyətin bütün üzvləri, təbəqələri üçün aydın olmalıdır. Amma bəzən, görürsən, stilistik səhvlərə, çatışmazlıqlara yol verilir. Məsələn, 35.5-ci maddədə yazılıb: “ikitərəfli və çoxtərəfli”. Mən  təklif edirəm ki, “iki və çox tərəfli” yazılsın. “Tərəf” sözünün bir yerdə işlənməsini daha məqsədəuyğun hesab edirəm.
Bundan başqa, Azərbaycanın həm qurudan,  həm dənizdən, həm də havadan sərhədlərinin qorunması məsələsi mühüm məsələdir. Biz bu gün Ermənistanın birbaşa təcavüzünə məruz qalmışıq. Amma bir sıra ölkələrdə radikallaşmış separatçı qruplar var ki, Azərbaycana müəyyən qədər həm şimalda, həm də cənubda ərazi iddiaları qaldırırlar. Hətta bizə etnik baxımdan yaxın olan Türkmənistanda Xəzər dənizinin statusunun müəyyənləşməməsi ilə bağlı müəyyən iddialar vardır. Hesab edirəm ki, bu doktrina qəbul olunduqdan sonra həmin məsələlərin  həllinə müsbət impuls verəcəkdir.
Mən bir daha təkrarlayıram ki, bu doktrina çoxdan gözləniləndir və gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına,  işğal olunmuş torpaqların geri qaytarılmasına xidmət edəcəkdir. Hörmətli Ziyafət müəllim, mən çıxışımı bununla bitirirəm. Amma Sizdən bir xahişim var.  Məlahət xanım mənim vaxtımdan bir dəqiqə istəyir. Əgər etiraz eləmirsinizsə, mən qalan vaxtımı Məlahət xanıma verirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Mənim yadımdadır, 1990-cı ilin əvvəllərində bir barter üsulu var idi. İndi, deyəsən, dəyişmək istəyirsiniz. Buyurun, Məlahət xanım.
M.İbrahimqızı.  Çox sağ olun, Ziyafət müəllim. Üzr istəyirəm, mənim sualım başqa cür hallandı. Mən dedim ki, bu qanun nə üçün Təhlükəsizlik doktrinası adlanmır? Xüsusilə qeyd etdim ki, Prezidentimizin Təhlükəsizlik haqqında konsepsiya ilə bağlı fərmanı var. Yəni qanun layihəsi ilə konsepsiyanın adı nəyə görə eyni deyil? O mənada sual verirəm. Siz də başqa cür dediniz. Mən üzr istəyirəm, bu qanunun əleyhinə deyiləm, əksinə, sevinirəm ki, biz belə bir gözəl qanun qəbul edirik.
Sədrlik edən. Mən demədim ki, Siz qanunun əleyhinəsiniz. Mən dedim ki,  Məlahət xanım, bu ona görə Hərbi doktrinadır ki, Konstitusiyanın 95-ci maddəsinin 7-ci bəndində belə yazılıb, hərbi doktrina olmalıdır. Bu mənim arzumla deyil, Konstitusiyada belə yazılıb. Çox sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Şübhəsiz, hər bir dövlətin əsas vəzifəsi öz təhlükəsizliyin təmin etməkdən ibarətdir. İndiki çox mürəkkəb beynəlxalq şəraitdə, yəni bəzən beynəlxalq hüquq öz gücsüzlüyünü nümayiş etdirdiyi, zorun meydan suladığı, habelə terrorçuluğun, separatçılığın baş alıb getdiyi hallarda bu vəzifənin həyata keçirilməsi xüsusilə önəmlidir. Ancaq bu da bir həqiqətdir ki, heç bir dövlət, hətta iqtisadi və hərbi cəhətdən qüdrətli olsa belə, yalnız öz gücü ilə təhlükəsizliyini təmin edə bilməz. Bu ancaq xam xəyaldır, xülyadır. Odur ki, bu işə beynəlxalq qüvvələrin də cəlb olunması çox vacibdir.
Bu baxımdan hesab edirəm ki, doktrinanın 35-ci maddəsinin beşinci bəndi çox önəmlidir. Yəni bu baxımdan Azərbaycanın ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığı genişləndirməsi, NATO ilə əməkdaşlığı davam etdirməsi, müharibələrin və silahlı münaqişələrin qarşısını almaq məqsədi ilə beynəlxalq birliklərlə və onun strukturları ilə əməkdaşlıq etməsi, terrorçuluğun bütün növləri ilə mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləməsi, kütləvi qırğın siyahılarının yaradılmasına, istehsalına və yayılmasına qarşı çıxması çox önəmlidir. Mən elə hesab edirəm ki, bu bənd müəyyən dərəcədə həm Məlahət xanımın, həm də Asim Mollazadənin suallarına cavab verir.
Mən hesab edirəm ki, doktrinanın ən mühüm cəhətlərindən biri də işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi əzmini nümayiş etdirməsidir. Bu xüsusilə 28-ci maddədə öz əksini tapıb. Bunu çox məntiqli hesab edirəm.  29-cu maddədə qeyd olunur ki, Azərbaycan ərazisində başqa xarici dövlətlərin bazası olmamalıdır. Əlbəttə, şərait tələb edərsə, müvəqqəti hallarda buna getmək olar. Bunu da mən çox düşüncəli hesab edirəm.
Ümumiyyətlə, sənəd sistem xarakteri daşıyır və kompleks şəkildə bütün məsələlər əhatə olunur. Ancaq sonda mənim bir arzum da var. O da nədən ibarətdir? Hamımıza aydındır ki, ordumuza münasibət birmənalı deyil. Bəzən orduya cəzaçəkmə yeri kimi baxanlar da var və çalışırlar ki,  uşaqları hərbiyə getməsinlər, yaxud gedəndə də çalışırlar ki, istədikləri yerə düşsünlər və sair. Mən hesab edirəm ki, xalqın şərəf və ləyaqətini qoruyan yeganə orqan bizim ordumuzdur, silahlı qüvvələrimizdir və  orduya belə münasibət olmalıdır. İnsanları bu ruhda tərbiyə etməliyik. Odur ki, həmin fikir bu və ya digər formada doktrinada olsa, daha yaxşı olar, yəni ordunun xalqın şərəf və ləyaqətinin qoruyucusu olması burada qeyd olunmalıdır. Bunun həm tərbiyəvi, həm də təbliğat baxımından çox böyük əhəmiyyəti var. Diqqətinizə görə təşəkkür edirəm.    
Sədrlik edən. Sağ olun, İlyas müəllim. Nazim Məmmədov.
N.Məmmədov. Çox sağ olun, Ziyafət müəllim. Təbii ki, mən də qanun layihəsinə səs verəcəyəm. Fürsətdən istifadə edib bir məsələyə münasibətimi bildirmək istəyirəm. Qanun layihəsinin üçüncü bölməsində 21-ci və 23-cü maddələrdə Azərbaycanı təhdid edən əsas məqamlardan,  ilk növbədə, ərazilərimizin bir hissəsinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilməsindən, eyni zamanda, sərhədlərimizə yaxın ərazilərdə hərbi bazaların yaradılmasından, kütləvi şəkildə qeyri-qanuni miqrasiya məsələlərindən söhbət gedir. Təbii ki, bu amillər hərbi təhlükəsizliyimizə təsirlər göstərə bilər. Mən hesab edirəm ki, Ermənistanla bizim hərbi münaqişəmiz təkcə Qarabağı və Qarabağ ətrafındakı rayonları deyil, o cümlədən mənim və  millət vəkillərinin böyük bir qisminin təmsil olunduqları sərhəd bölgələrini əhatə edir. Hesab edirəm  ki, Hərbi doktrina qəbul olunduqdan sonra həmin bölgələrin sosial-iqtisadi inkişaf proqramlarına, habelə inzibati ərazi bölgüsünə yenidən baxılmalıdır. Hər halda sərhəd bölgələrində daha çox inzibati orqanların olması ikili münasibətdə, deyək ki, həm mülki işlərdə,  həm də hərbi işlərdə istifadə oluna bilər. Məsələn, körpü və digər infrastrukturlar hazırlanarkən sosial-iqtisadi inkişaf proqramlarında nəzərdə tutula bilər. Mən hesab edirəm ki,  Müdafiə Nazirliyi də həmin məsələlərə öz rəylərini bildirməlidir.
İnzibati ərazi bölgüsü məsələsini qeyd etdim. Sərhədyanı rayonlarda bu məsələyə bir daha baxılmasına ehtiyac var. Misal üçün, Gədəbəy–Tovuz bölgəsi Ermənistanla 220 km həmsərhəddir. Mənim təmsil olunduğum 104 saylı seçki dairəsini əhatə edir. İnsanların təhlükəsizliyini təmin etmək üçün rayon mərkəzindən 75 km uzaqda olan kəndlərdə və qəsəbələrdə  hərbi birləşmələrlə yanaşı, eyni zamanda, polisin və digər strukturların olması da çox  vacibdir. Mən güman edirəm ki, bu məsələlərə də gələcəkdə diqqət yetiriləcək.
Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov.
M.Şükürov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım, hörmətli mətbuat təmsilçiləri! Əlbəttə, məndən öncə çıxış edən həmkarlarım prinsipial məqamlar haqqında müəyyən dərəcədə ətraflı fikir söylədilər. Mən o fikirləri təkrar etməmək üçün konkret olmağa çalışacağam. Hesab edirəm ki, Hərbi doktrina III çağırış Azərbaycan Respublikası Milli Məclisinin yerinin tarixdə önəmli olduğuna dəlalət eləyən bir sənəddir. Bu sənədin məhz indiki məqamda müzakirəyə təqdim olunması da təsadüfi deyil və çox mühüm məqamları özündə ehtiva edir. O, yaxın gələcəkdə bizim hərbi məqsədlərimizi, strateji istiqamətlərimizi ətraflı şəkildə əhatə edir.
Məndən öncə çıxış edən İlyas müəllimin qeyd etdiyi kimi, bu sənəd  düşmənlərimizə, onun havadarlarına çox mühüm bir mesaj verir ki, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasının alternativi yoxdur. Burada çox prinsipial məqamlara qiymət verilir. O fikir tamamilə doğrudur ki, bu doktrina adi bir ölkənin, hətta gənc bir ölkənin hərbi doktrinası deyil, çox həssas və mürəkkəb geosiyasi, geoiqtisadi, geostrateji bölgədə yerləşən və ərazisi qismən işğal edilən bir ölkənin hərbi doktrinasıdır. Hesab edirəm ki, bu nöqteyi-nəzərdən layihənin hazırlanmasına 6 il vaxt sərf olunması və zərgər dəqiqliyi ilə bütün məqamların nəzərə alınması təbiidir.
Burada bir neçə prinsipial fikir də səsləndi ki, bizimlə strateji müttəfiq olan ölkələrin, habelə düşmənlərimizin adı çəkilmir. Mənə elə gəlir ki, bu, hərbi sənəddən öncə siyasi bir sənəddir. Hamı bilir ki, siyasətdə daimi dostlar olmur, daimi maraqlar olur. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, doktrinada daim dəyişə biləcək maraqlar nəzərə alınmışdır. Yəqin, o fikirlə də razılaşarsınız ki, postsosializm dövründə dünyanın siyasi mənzərəsinin oturuşmuş hala çatması artıq bizim bölgəyə də sirayət etməkdədir. Bu nöqteyi-nəzərdən geosiyasi proseslər aylarla, illərlə yox, bəlkə də həftələr ərzində dəyişir. Bizim Hərbi doktrina dəyişə biləcək geosiyasi mənzərəyə adekvat reaksiya vermək gücündədir. 
Bu fikirlərdən də aydındır ki, mən Hərbi doktrinaya birmənalı olaraq səs verəcəyəm.  Bilmirəm, Pənah müəllimin dediyi kimi, bir neçə məqamı dəyişmək mümkündürmü? Bu doktrinada bəzi anlayışlar izah olunmayıb. Milli təhlükəsizlik konsepsiyasına baxdım. Orada anlayışların izahı var. Yaxşı olardı ki, “hərbi təhlükəsizlik sistemi”, “təhlükəsizlik mühiti”, “zəruri və səmərəli müdafiə yetərliliyi” anlayışlarının izahı verilsin.
Bir məqamı da qeyd etmək istəyirəm.  2.11-ci maddədə qlobal təhlükəsizlik mühitinin məruz qaldığı köklü dəyişikliklərdən bəhs olunur. Burada iqlim dəyişikliyi və qlobal istiləşmə kimi vacib məsələ qeyd olunmayıb. Biz özümüz də gördük ki, bu dəyişikliklər Azərbaycanda hansı fövqəladə təbii fəlakətlərə gətirib çıxarır. Ümumiyyətlə, bir daha qeyd etmək istəyirəm ki, bu doktrina “ağıllılar başqalarının səhvləri üzərində öz gələcəyini qurur” əqidəsini bir daha təsdiqlədi. Biz yaxın qonşularımızın timsalında siyasi gedişlərdə, xüsusən xarici siyasətdə səhvlərin hansı  nəticələrə gətirib çıxardığını aydın görmüşük. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Məjlum müəllim. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də bizim komitədə də müzakirə olunan  bu qanun layihəsinə səs verəcəyəm. O çox mükəmməl hazırlanmış bir sənəddir. Lakin bir neçə fikrimi bildirmək istəyirəm. Layihə müzakirə olunanda biz ezamiyyətdə idik. Ona görə də digər ölkələrin təcrübəsi ilə ətraflı şəkildə tanış ola bilməmişdik. Amma baxandan sonra müəyyən təkliflər ortaya çıxdı. İstəyirəm ki,  növbəti oxunuşda həmin təklifləri əlavə etmək mümkün olsun.
Birincisi, mən Amerikanın, İsrailin, Türkiyənin və Ermənistanın Hərbi doktrinasını götürdüm.  Bir neçə  ölkənin doktrinasında xüsusi preambula nəzərdə tutulub, Prezidentlərinin sərəncamlarını dərc eləyiblər və sair. Mən hesab edirəm ki, gələcəkdə bizim də bunu etməyimiz məqsədəuyğun olar. Hətta Ermənistan öz hərbi doktrinasına Bakı və Sumqayıt qırğınları adlı termin də əlavə edib. Doktrinanın əvvəlində  Dağlıq Qarabağla bağlı  məsələlər öz əksini tapıb. Amerika Birləşmiş Ştatları öz doktrinasının giriş hissəsində mövcud ictimai-siyasi vəziyyəti və gələcək hədəflərlə bağlı müəyyən istiqamətləri, habelə onların nədən ibarət olduğunu göstərib, sonra  əsas müddəalara keçib. Hesab edirəm ki,  biz də bunu əlavə giriş kimi hazırlayıb verə bilərik. Yəni maddələrə keçməmişdən öncə mövcud durumu, vəziyyəti və çıxış yollarını göstərmək olar.
İkinci təklifim ondan ibarətdir ki, biz deyirik, Hərbi doktrina təkcə hərbi məsələ deyil, eyni zamanda, hərbi, siyasi, elmi, texnoloji, iqtisadi məsələdir. Mən burada heç bir qəbahət görmürəm. Müvafiq strukturlar,  ayrı-ayrı nazirliklər doktrinayla bağlı qanun layihəsinə rəy verib. Onların nümayəndəsinin  heç bir ziyanı olmaz. Gəlsin, otursun, iştirak eləsin.  Təbii ki, bu gün müdafiə nazirinin müavini burada iştirak edir. Amma burada iqtisadiyyatdan yazılıb. Bu sahə ilə bağlı suala müdafiə nazirinin müavini cavab verməyəcək. Yəqin ki, iqtisadi inkişaf nazirinin müavini cavab verə bilər. Yaxud İKT ilə bağlı, yəni  informasiya-kommunikasiya texnologiyaları ilə bağlı sual ola bilər. Yəni bu sahələrin nümayəndələrinin olması ziyanlı deyil. Çünki Hərbi doktrina elə bir sahədir ki, bütün xalqımızın maraqlarını əhatə edir. Ona görə də hesab edirəm ki, növbəti toplantımızda bunu nəzərə almaq lazımdır. Bu, məsələnin həm aktuallığı baxımından, həm də verilən sualların dolğun cavablandırılması baxımından əhəmiyyətli olar.
Bir məsələni də qeyd etmək istəyirəm. Burada fikir söyləndi ki, demokratik ölkələr guya heç vaxt məğlub olmur və sair. Tamamilə yanlış  anlayışdır, yanlış təfəkkürdür. Birincisi, bizim ölkəmiz demokratikdir. İkincisi, “demokratiya” deyə-deyə 1992-ci ildə torpaqların yarısını  ermənilərə verdilər. Adını da “demokratik ölkə” qoymuşdular. Nəticəsini gördük, hadisələr göz qabağında baş verdi. İndi özlərini “demokrat” adlandırırlar.
Üçüncüsü, Amerikanın və bir çox dövlətlərin demokratik hesab elədiyi qonşu dövlət  2008-ci ildə demokratiya yolunda  nəinki özlərinə, bütövlükdə regiona çox böyük ziyan vurdu, regionun başına oyun gətirdi. Demək olar ki, regionda qarışıqlıq yaratdı. Adını da “demokratiya” qoydu. Budur demokratik düşüncənin və demokratik təfəkkürün nəticəsi! Ona görə də mən hesab edirəm ki, hərbi məsələni onunla eyniləşdirmək olmaz. Təbii ki, hər bir ölkənin özünün strategiyası, planı, qarşıda duran məqsədləri var. Bizim Hərbi doktrinada bu məqsədlərin hamısı göstərilib.
Bir məsələni də deyim. Hörmətli Ziyafət müəllim də bu məsələni qeyd elədi. Bizim balanslaşdırılmış xarici siyasət Hərbi doktrinamızda da öz əksini tapıb. Yəni bizim hər bir məsələmiz balanslaşmış şəkildə həyata keçirilir. Yoxsa ona buynuz at, inqilab elə, üsyan qaldır və s. Nəticəsini gördüm. Bütün Orta Asiya ölkələrini düşmən elədilər. Ümummilli liderimiz yarım ilə, bir ilə əziyyət çəkə-çəkə, güclə, sığallaya-sığallaya onları gətirib ölkəmizə dost elədi. Burada ortaya tamamilə düzgün məqsəd  qoyulub. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, təşəkkür edirəm. Girişlə bağlı bir məsələni deyim. Mən üzr istəyirəm, çıxışımda dedim, bir daha demək istəyirəm. Burada Məjlum müəllim də müəyyən anlayışların verilməsi ilə bağlı məsələ qaldırmışdı. Təhdid nədir, təhlükəsizlik mühiti nədir? Axı, mən çıxışımda dedim, Hərbi doktrina Milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir və həmin konsepsiya 2007-ci ildə cənab Prezidentin sərəncamı ilə təsdiq olunub. Burada “təhdid” nədir, “təhlükəsizlik mühiti” nədir? Həmin anlayışların hamısı verilib. Yəni Hərbi doktrinanı Milli təhlükəsizlik konsepsiyasından və “Milli təhlükəsizlik haqqında” Qanundan kənarda təsəvvür etmək mümkün deyil. Bu üç sənəd bir-birini tamamlayır. Ona görə də Hərbi doktrinanı oxuyarkən mütləq həmin sənədlərə müraciət etmək lazımdır ki, qaranlıq məsələ qalmasın. Mirkazım Kazımov, buyurun.
M.Kazımov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən parlamentin müzakirəsinə təqdim edilmiş Hərbi doktrina layihəsi siyasətçilərin maraqlarını cəlb etdiyi kimi, ictimaiyyətin də diqqət mərkəzindədir. Ziyafət müəllim, Siz də qeyd etdiniz, müzakirə etdiyimiz doktrina dövlət başçısı tərəfindən 2007-ci ildə təsdiqlənmiş Milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir və əsas elementidir. Məlum olduğu kimi, Milli təhlükəsizlik konsepsiyası, ilk növbədə, Hərbi doktrinadan, xarici siyasət strategiyasından, iqtisadiyyat, ətraf mühit, mədəniyyət, elm, təhsil, səhiyyə, nəqliyyat və digər sahə konsepsiyalarının əsas müddəalarından ibarət ətraflı və mükəmməl siyasi sənəddir.
Doktrina layihəsi yüksək səviyyədə hazırlanmışdır. Onun mətnini Milli təhlükəsizlik konsepsiyası ilə qarşılıqlı təhlil edəndə yüksək şəkildə uzlaşmanın təmin olunduğu görünür. Hərbi doktrina Milli təhlükəsizlik konsepsiyasını tamamlayır. Hərbi doktrinada nəzərdə tutulan hərbi təhlükəsizlik sistemi daxili və xarici təhlükəsizliyin müdafiəsinə yönəldilib. Sənəddən göründüyü kimi, ölkənin hərbi təhlükəsizliyinin təmin olunması üçün mümkün olan ən optimal yollar, üsullar seçilmişdir. Doktrinanın mühüm məqamlarından biri hazırda Ermənistanın Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi ilə və bu amilin ölkəmizin milli təhlükəsizliyinə mənfi təsir göstərməsi ilə bağlıdır. Bu məqam sənəd layihəsində birmənalı şəkildə öz əksini tapır.
Doktrina zaman baxımından çevik olmaqla yanaşı, uzun müddəti əhatə edir. Lakin müəyyən vaxt keçdikdən sonra onun yenilənməsi, dəyişikliklərə məruz qalması mümkündür. Bununla yanaşı, ölkənin uzunmüddətli və daimi maraqları dəyişməz olaraq qalmalıdır. Azərbaycanın çoxsahəli və tarazlaşdırılmış xarici siyasət yeritməsi sənəddə birmənalı şəkildə öz əksini tapır. Ölkəmizin yerləşdiyi coğrafi məkan, burada böyük siyasi güclərin öz maraqlarının olması, habelə Azərbaycanın üzləşdiyi məlum problem bunu bizdən tələb edir.
Doktrina layihəsində birmənalı şəkildə qeyd olunur ki, konkret istisnalar və məqamlar nəzərə alınmaqla, Azərbaycan ərazisində xarici hərbi bazaların yerləşdirilməsi yolverilməzdir. Bununla yanaşı, regionun hərbi-siyasi vəziyyətində nəzərə çarpan dəyişikliklər baş verdikdə  Azərbaycan öz hərbi-siyasi  yanaşmasına yenidən baxa bilər və lazım gəldikdə xarici hərbi birləşmələrin öz ərazisində yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə verə bilər. Bu məqam  sənəddə təsbit olunur. Bütövlükdə doktrina sülh dövründə  ölkəmizin müdafiə siyasətini müəyyənləşdirir.
Bununla yanaşı, Azərbaycanın tərəfdaş və qardaş ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığı, eyni zamanda, Avroatlantik bloklarla qarşılıqlı maraqlar əsasında əməkdaşlığı bu sənədin tərkib hissəsidir. Doktrinada ölkənin hərbi-sənaye kompleksinin inkişaf etdirilməsinə, onun maddi-texniki və texnologiya bazasının möhkəmləndirilməsinə, digər ölkələrdə əməkdaşlığın gücləndirilməsinə geniş yer ayrılıb. Bu məsələlərə silahlı qüvvələrimizin müdafiə məhsullarının istehsalı, bu cür məhsulların xarici bazarlarda rəqabətə davamlı olması, başqa sözlə, hərbi-sənaye kompleksinin ixrac potensialının inkişaf etdirilməsi aiddir.
Hərbi doktrina layihəsində potensial təhlükələr, hərbi təhlükəsizliyin  mühüm məqamları, real təhlükə, habelə müharibə və sülh dövrlərində silahlı qüvvələrin əsas vəzifələri, hərbi qanunçuluğun əsas istiqamətləri və perspektivləri dəqiqliklə verilmişdir. Doktrinada ölkənin  müdafiə siyasəti və hərbi təhlükəsizlik məsələləri mükəmməl və ətraflı şərh olunmuşdur.
Sədrlik edən. Mirkazım müəllim, inanın ki, mən Sizin çıxışınızı kəsmək istəmirdim, amma vaxt başa çatdı. Çox maraqlı çıxış etdiniz, çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən də ilk öncə məndən əvvəl çıxış edən deputat həmkarlarımın narahatlığına qoşulur və belə bir fikri bölüşürəm ki, bu tipli ciddi sənədin müzakirəsinə niyə bizim müvafiq milli təhlükəsizliyimizə cavabdeh olan qurumların nümayəndələri dəvət olunmayıblar, yaxud niyə iştirak etmirlər? Müdafiə Nazirliyinin nümayəndəsi iştirak edir. Mən bildiyimə görə o da kadr məsələləri üzrə müavindir. Ümumiyyətlə, o da bu tipli sənədlərin hazırlanmasında  hər hansı bir formada heç iştirak etmir, yaxud heç bir anlayışı yoxdur. Yəqin ki, məndən inciməz.
 Azərbaycanın torpaqları işğal altındadır. Ona görə də yaxşı olardı ki, biz bu müzakirəni qapalı keçirərdik və sənədin ictimaiyyət üçün açıq olmayan bir hissəsi də olardı. Ziyafət müəllim burada qeyd etdi ki, sənəd hazırlanarkən maksimum dərəcədə başqa dövlətləri qıcıqlandırmamağa çalışılıb. Amma qapalı müzakirədə biz fikirlərimizi açıq bildirərdik və sənəddə də bu öz əksini tapardı. Bizim torpaqlarımız işğal altındadır,  müharibə vəziyyətində olan dövlətik. Burada hər şeyi açıqlığı ilə, çılpaqlığı ilə danışardıq, müzakirə edərdik.
Bu sənəd təkcə bizim xalqımız üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçündür. Dünya dövlətləri ayrı-ayrı dövlətlərin Hərbi doktrinası ilə tanış olurlar. Bu həm də bizim tərəfimizdən, dövlət olaraq, dünyaya bir mesajdır ki, biz öz təhlükəsizliyimizə  təhdidləri nədə görürük? Hansı dövlətlərdən biz bu təhlükəni görürük? Regionu təhdid edən vəziyyət nədən ibarətdir? Səmimi deyim ki,  sənəd sanballı sənəddir. Doğrudan da, o fikirlə razıyam ki, bu sənəd ciddi hazırlanıb və bir  çox məsələlər burada öz əksini tapıb. Burada çatışmayan cəhət, dediyim kimi, müəyyən konkretliyin bəzi hallarda göstərilməməsidir.
Misal üçün, 18-ci maddədə beynəlxalq təhlükəsizliyin təminatına bilavasitə cavabdeh olan bir sıra beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti qeyd olunub. Hesab edirəm ki, burada təkcə beynəlxalq təşkilatlar yox, eyni zamanda, bizim təhlükəsizliyimizi təhdid edən dövlət və bölgədə marağı olan böyük dövlətlərin bu münaqişənin həllində maraqlı olmaması göstərilməlidir. Yəni bunu açıq göstərmək olar.
Burada hörmətli həmkarım Siyavuş bəy qeyd etdi ki, guya “demokratiya” deyə-deyə torpaqların yarısını biz vermişik. Bu, Eynulla Fətullayevin “Mütəllibovu yıxmaq üçün Azərbaycan Xocalını vermişdir” kəlamına oxşar bir bəyanatdır. Mən əminəm ki, Siyavuş bəy bunu zarafatla dedi. Amma bu tipli sənədlərin müzakirəsi zamanı beynəlxalq ictimaiyyətin diqqətinin bu müzakirəyə yönəldiyi bir vaxtda demək ki,  torpaqları biz özümüz vermişik, tamamilə qeyri-ciddi bir yanaşmadır. Düşmən tərəf güclü olub, ona Moskva kömək edib, Rusiya kömək edib, onlar bizim torpaqlarımızı işğal ediblər. Məhz həmin dövlətlərin  köməyi ilə bizim torpaqlarımız işğal olunub. Həmin dövlətlərin təhdidi ilə biz torpaqlarımızı geri ala bilmirik. Ona görə ki, biz həmin dövlətlərlə üz-üzə gələcəyimizdən çəkinirik. Mən bu cür fikirləri qətiyyətlə qəbul etmirəm və zərərli hesab edirəm. Ümid edirəm ki, mənim hörmətli həmkarım bundan sonrakı çıxışlarında bunu nəzərə alacaq.
Burada qeyd olunur ki, işğalın nəticələrini rəsmiləşdirmək məqsədi ilə Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə iqtisadi və hərbi baxımdan kömək edən dövlətlərin fəaliyyəti Azərbaycana qarşı yönələn  fəaliyyət kimi qiymətləndirilir. Mən bununla  razıyam. Amma biz onu necə müəyyənləşdirə bilərik ki, hansı məqsədlə kömək edilir? Əgər Dağlıq Qarabağa kimsə yardım edirsə, bu, Azərbaycana qarşı yönələn fəaliyyətdir.
Bir dəfə hörməti həmkarım Mübariz Qurbanlı burada məsələ qaldırdı ki, İşğal olunmuş torpaqlar haqqında qanun qəbul edək. Gürcüstan belə bir qanun qəbul edib və mən onunla tanış olmuşam. Məsələn, biz Ermənistanda fəaliyyət göstərən şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsini yasaqlamalıyıq. Eyni zamanda, Dağlıq Qarabağda fəaliyyət göstərən şirkətlərin fəaliyyətini Azərbaycanda yasaqlamalıyıq. Qoy onlar seçim etsinlər: Azərbaycan bazarı onlar üçün önəmlidir, yoxsa Ermənistan? Hətta qardaş Türkiyənin bəzi şirkətləri öz mallarını Ermənistanda da, Azərbaycanda da satırlar, yaxud fəaliyyət göstərirlər. Eyni ilə başqa dövlətlər olsun. Türkiyə qardaş respublikadır deyə, onun adını çəkdim. Düşünürəm ki, həmin məsələlərlə bağlı konsepsiyada açıq danışılmalıdır. Yaxud Xəzərdəki ərazi iddiaları ilə bağlı İranın adı niyə çəkilməsin? 
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Ziyafət müəllim. Mən də həmkarlarım kimi hesab edirəm ki, müzakirəyə təqdim olunmuş Hərbi doktrina çox yüksək səviyyədə hazırlanmış sənəddir. Sənəd ölkənin daxili və xarici təhlükələrdən müdafiəsinə yönəlmiş  hərbi təhlükəsizlik sisteminin konseptual əsaslarını təşkil edir. Təqdim olunmuş sənəddə hərbi təhlükəsizliyin əsas istiqamətləri, o cümlədən respublikanın təhlükəsizlik mühiti, hərbi təhlükəsizliyinə təhdidlər, müdafiə siyasəti, hərbi təhlükəsizliyin strateji əsasları və digər məsələlər ən yüksək səviyyədə öz əksini tapıbdır. Doktrina bu gün bütün reallıqlara əsaslanan və gələcəyə üz tutan bir sənəddir. Burada hərbi quruculuq məsələlərinə də böyük əhəmiyyət verilir. Sənədin 7-ci hissəsində hərbi quruculuğun inkişaf perspektivləri kifayət qədər əsaslı şəkildə öz əksini tapmışdır. Mən burada bir neçə qeydimi səsləndirmək istərdim.
Hörmətli Ziyafət müəllim, “Ümumi müddəalar” adlanan birinci bölməni bütöv oxumuram. Burada insanın, cəmiyyətin və dövlətin hərbi təhdidlərdən qorunmasından söhbət gedir və bir neçə dəfə mətndə  “insan” sözü təkrarlanır.  Bəlkə də burada “vətəndaş” sözü işlənməlidir. Yəqin ki,  professional səviyyədə bu məsələlərlə məşğul olan insan kimi, Siz bunu daha yaxşı bilirsiniz. 1-ci maddənin 6-cı bəndində yazılır: “Hərbi doktrina milli təhlükəsizliyin, hərbi-strateji, hərbi-siyasi, hərbi-iqtisadi, hərbi-texniki və təşkilati əsaslarını” və sair. Mən burada belə verərdim: “Hərbi doktrina milli təhlükəsizliyin hərbi-strateji, siyasi, iqtisadi, texniki və təşkilati əsaslarını” və sair. “Hərbi” sözünü mən bir dəfə işlədərdim. Çünki “hərbi” bir dəfə işlənəndən sonra təyin rolunu oynayır. Məncə, burada təkrara ehtiyac yoxdur. Ərəblər deyir ki, “yaxşısını Allah daha yaxşı bilir”. Bu işləri professional insan kimi Siz bəlkə daha yaxşı bilirsiniz.
2-ci maddənin 11-ci bəndində “mütəşəkkil cinayətkarlığın, o cümlədən terrorçu qruplaşmaların və müxtəlif üsyançı hərəkatların” yazılıb. Mən bunu belə verərdim: “müxtəlif ekstremist hərəkatların”. Mən buna ekvivalent tapa bilmirəm. Burada nə demək istəyirlər? “Üsyançı hərəkat” yox,  yəqin ki, “ekstremist hərəkatlar” yazmaq yaxşı olardı.
Sədrlik edən. Sağ olun. Gövhər xanım, üzr istəyirəm,  üsyançı da var, ekstremist də. Burada ayrı-ayrı kontekstlərdədir.
G.Baxşəliyeva.  Ola bilər. Burada 23-cü maddədə Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdidlər sırasında təbii fəlakətlər və texnogen qəzalar, kütləvi şəkildə qeyri-qanuni miqrasiya, habelə radioaktiv, kimyəvi və bioloji materialların dövriyyəsi göstərilir. Ziyafət müəllim, əgər kütləvi şəkildə qeyri-qanuni miqrasiya hərbi təhdidlər sırasına daxil olursa, onda narkomaniya, müxtəlif epidemiyalar  da təhdid kimi qəbul oluna bilər. Xahiş edirəm, bu məsələyə də diqqət yetirəsiniz. Dediklərim bu qədər. Sənəd çox yüksək səviyyədə hazırlanıb. Mən onun lehinə səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Gövhər xanım, çox sağ olun. Burada Siz insan, cəmiyyət və dövlət məsələsini qaldırdınız. “İnsan” sözü təsadüfən yazılmayıb. O bizim Konstitusiyadan götürülübdür. Çünki bizdə “vətəndaş” dedikdə yalnız Azərbaycan dövlətinə mənsubiyyəti olan insanlardan söhbət gedir. Ancaq bizdə vətəndaşlığı olmayan şəxslər, xarici vətəndaşlar da var. Onlar Azərbaycanda daimi yaşayırlar. Ona görə də burada hər kəsdən söhbət gedir. Yəni buraya vətəndaş da, vətəndaşlığı olmayan şəxslər də, xarici vətəndaşlar da aiddir.
6-cı maddə ilə bağlı deyirsiniz ki, “hərbi, strateji, siyasi” yazaq. “Hərbi” sözünü bir dəfə yazsaq, həmin mənanı verməyəcək. Gövhər xanım, o kontekstdən tamam başqa məna çıxır, sanki başqa məna kəsb edir. Bizə isə “hərbi-strateji, hərbi-siyasi, hərbi-iqtisadi” lazımdır. Amma “hərbi”ni  bir dəfə yazıb, o birilərini vergüllə versək, mülki xarakter alır. Düzdür, Siz deyən kimi, Allah bilən daha yaxşıdır. Amma hər halda biz də azdan-çoxdan bilirik.  Nizami Xudiyev.
N.Xudiyev. Hörmətli Ziyafət müəllim, hörmətli Milli Məclisin deputatları! Mən 8 bölmə, 75 bənddən ibarət olan bu qanun layihəsini çox diqqətlə oxudum. Doğrudan da, müharibə şəraitində olan dövlət üçün bu çox mühüm bir sənəddir. Çox təəssüf ki, bu sənədin, bu qanunun qəbulu bu qədər gecikib. Düzdür, Ziyafət müəllim, Siz çıxışınızda dediniz, 6 ildir  müzakirələr aparılır və biz bunu daha uyğun və tez bir müddətdə qəbul etməyə  çalışırdıq. Lakin müəyyən səbəblərə görə bu gecikib.  Görünür, 10-15 il bundan əvvəl qəbul olunmalı bir qanundur. Çünki dövlət varsa, onun qanunu da qəbul olunmalıdır. Siz çox doğru olaraq dediniz, Konstitusiyanın 95-ci maddəsində dəqiq yazılıb ki, hərbi doktrina müzakirə olunub və qəbul olunmalıdır. Nəhayət, geciksə də, bu gün çox mükəmməl şəkildə müzakirəyə təqdim edilibdir. Biz də onu çox diqqətlə oxuyub ətraflı şəkildə müzakirə edirik.
Burada bayaq bizim hörmətli polkovnik Aydın müəllim çox gözəl danışdı. O, əsasən, 61-ci maddəyə toxundu. Yazılır: “Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin cari mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetləri aşağıdakılardır”. O çox düzgün olaraq dedi ki, bizdə hərbi kafedra bağlanıbdır. Mənim dəqiq yadımdadır ki, Dövlət Pedaqoji Universitetində çağırışa qədər Hərbi hazırlıq   fakültəsi var idi. Hər il iki yüzə qədər tələbə qəbul olunurdu. İndi o da bağlanıbdır. Halbuki möhtərəm rəhmətlik Prezidentimiz 1980-ci illərdə onun açılışını etmişdi. O zaman hələ keçmiş SSRİ ərazisində dörd yerdə – Moskvada, Leninqradda, Kiyevdə belə bir fakültə var idi. Çox təəssüf ki, onlar bağlanıbdır.
Burada 61-ci maddədə yazılır ki, vətəndaşların hərbi xidmətə məqsədyönlü hazırlığı, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin ehtiyatının hərbi hazırlığının saxlanılması, habelə əhalinin ərazi və mülki müdafiə məsələlərinin həllinə hazırlığı qüvvətləndirilir. Bu çox düzgündür və bu maddənin də qanuna əlavə edilməsi çox yerindədir. Düzdür, Baloniya prinsipində bir qədər fərqlidir. Lakin hərbi məsələlərdə həmin prinsiplər əsas götürülmür. Burada müəyyən məsələlərdən, o cümlədən demokratiyadan danışıldı. Düzdür, biz müstəqil ölkəyik, burada demokratiya çox güclüdür. Lakin hərbi məsələdə demokratiyanı bu dərəcədə qabartmaq yerində deyil. Hərbi hərbidir. Ona görə də hərbi məsələlər hərbi qanunauyğunluğa bağlı olmalıdır.
Burada belə fikirlər səsləndi ki, bu qanunda mücərrədlik var. Əksinə, mənim çox xoşuma gəldi ki, burada Azərbaycan Respublikasının təhlükəsizlik mühiti çox dəqiq göstərilibdir.  Mən deyərdim ki, bəlkə də hərbi sirr baxımından göstərilməməlidir. Bu da qanunauyğundur. Ona görə də dəqiq və aydın göstərilməlidir.  Bu,  mücərrədlikdən  uzaqdır və qanunauyğun şəkildə layihədə öz əksini tapıb. Məsələn, göstərilir ki, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazisinin bir hissəsinin işğalı, vaxtilə Ermənistanın azərbaycanlılar yaşayan bölgəsində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində etnik təmizləmə siyasətinin aparılması, iqtisadi və sosial infrastrukturun dağıdılması ilə nəticələnmiş təcavüz aktının davam etdirilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mənfi təsir göstərən əsas amillərdən biridir. Sonra qeyri-qanuni məskunlaşma aparılması, qeyri-millətlərin həmin ərazilərə yerləşdirilməsi, faktiki olaraq, burada öz əksini tapmışdır. Bu qanunun qəbulunu mən yüksək qiymətləndirirəm və hamını ona səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Mən hesab edirəm ki, bu gün Hərbi doktrinanı müzakirə etməyimiz çox önəmli və çox vacibdir. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistan işğal etdiyi torpaqlarımızdan geri çəkilmək istəmir və danışıqlar prosesi isə vaxtı uzatmaq məqsədi güdür. Hərbi doktrinada  birmənalı mesajların çatdırılması çox vacib və önəmlidir. Mən hesab edirəm ki, bu Hərbi doktrinada Azərbaycanın artan gücü, artan nüfuzu görünür. Təbii ki, bir çox məsələləri çılpaqlığı ilə yazmaq, əslində, Azərbaycana müsbət yox, mənfi təsir göstərən məqam olardı. Amma mənə elə gəlir ki, burada bizim qaldıracağımız və bizi maraqlandıran, narahat edən bütün məsələləri biz sətiraltı mənada çox geniş şəkildə görə bilirik.
Mən hesab edirəm, bu sənəd yüksək səviyyədə hazırlanmışdır və ən vacib məqamlarla bağlı önəmli mesaj verilir. Bu Hərbi doktrinada Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirmək istəyən Ermənistan Respublikasına və onun işğal etdiyi Azərbaycan ərazilərində qurduğu separatçı rejimə hər hansı siyasi, hərbi, iqtisadi və digər dəstək Azərbaycan Respublikasına qarşı əməl kimi qiymətləndirilir. Bu təkcə Ermənistana deyil, bu istiqamətdə Ermənistana yardım edən bəzi qüvvələrə də çox önəmli mesajdır. Mən inanıram ki, biz bundan sonra gələcək fəaliyyətimizdə İşğal olunmuş torpaqlar  haqqında qanun da qəbul edəcəyik və birmənalı olaraq, qanunvericilikdə bu addımı atacağıq. Həmin şirkətlərə qarşı Azərbaycan konkret tədbirlər görəcək. O şirkətlər, o güclər başa düşsün ki, Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycanın icazəsi olmadan göstərdiyi fəaliyyətə görə gələcəkdə Azərbaycanla əməkdaşlığında çox ciddi problemlər yaranacaqdır.
Mən inanıram ki, burada verilən mesaj  gələcəkdə qəbul olunacaq qanunlarda daha ciddi şəkildə öz əksini tapacaqdır. Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Hərbi doktrinada birmənalı şəkildə cənab Prezidentin də vurğuladığı o mesaj öz əksini tapır ki, Azərbaycan işğal altında olan əraziləri, əgər Ermənistan bu əraziləri işğaldan azad etməzsə, hərbi yola əl ataraq işğaldan azad edəcək. Bu məsələ doktrinada öz əksini tapır. Mən inanıram ki, bu, təkcə Ermənistana yox, bir çox güclərə  çox önəmli bir mesajdır. Azərbaycan bu yolu gündəmdə tutur. Ermənistan  Azərbaycan torpaqlarının işğalını uzadarsa, Azərbaycan oturub sakitcə gözləmək niyyətində olmayacaq.
Eyni zamanda, Azərbaycanın öz təhlükəsizlik sistemini harada görməsi məsələsinə də aydınlıq gətirilib. Yəni NATO ilə əməkdaşlıq məsələsi burada öz əksini tapıb. Mən hesab edirəm ki, bu Hərbi doktrina Azərbaycanın maraqlarını müdafiə edən  mükəmməl bir sənəddir və onun indiki dövrdə də qəbul olunması həm  Azərbaycanın özü üçün, həm də Azərbaycanın dünyaya verdiyi mesaj üçün də çox önəmlidir.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Burada hərbi dərslərlə bağlı müzakirələr getdi. Düzdür, bunun Hərbi doktrinaya birbaşa dəxli olmasa da, təbii ki, dolayı yolla aidiyyəti var. Çox müzakirələr oldu. Mən hesab edirəm ki, söhbət təkcə hərbi kafedralardan getmir.  Bu gün orta məktəbimizi bitirən gənclərin bəziləri ali məktəblərə daxil olur, bir çoxu isə elə orta məktəblərdən sonra hərbi xidmətə gedir. Ona görə də biz orta məktəblərimizdə hərbi dərslərin keyfiyyətini yüksəltməliyik. Orta məktəbdən birbaşa hərbi xidmətə gedən gənclərimiz yüksək səviyyədə hazırlığa malik olmalıdırlar. İkincisi, söhbət təkcə oğlanlardan getmir, bizim torpaqlarımız işğal olunub və  sərhədyanı ərazilərimiz var. Ona görə də oğlanlarımızla bərabər qızlarımızın da orta məktəbdə hərbi sirlərə yiyələnməsi, biliklər alması həm psixoloji, həm də ideoloji cəhətdən çox vacibdir. Hesab edirəm, burada geniş müzakirə aparıldı. Doktrinanın birbaşa mövzusu olmasa da, Müdafiə Nazirliyinin nümayəndələri burada olduğu üçün  bu məsələyə də toxunuldu.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N.Nəsibli.  Hörmətli Sədr, hörmətli millət vəkilləri! Nəhayət, 15 ildən sonra bu sənəd ortaya çıxdı. Mən Azərbaycan hökumətini təbrik edirəm.  Bu sənədin ortaya çıxması, məncə, strateji düşüncəyə və  özünüdərk prosesinə  müsbət təsir edə bilər. İkincisi, bu sənədin müsbət tərəfi ondadır ki, Milli təhlükəsizlik konsepsiyasına nisbətən, mənim fikrimcə, daha savadlı, daha dəqiq terminlərlə ifadə olunub. Məsələn, hər dəfə deyirəm və onun detallarından keçməyəcəyəm. Milli təhlükəsizlik konsepsiyası adlı sənəddə “Azərbaycan–Ermənistan münaqişəsi” yazılır. Burada “hərbi münaqişə” və yaxud “işğal aktı” yazılır. Bu daha doğrudur.
İndi, mənim fikrimcə, çatışmayan bəzi cəhətləri qeyd etmək istəyirəm. Bu cəhətlər mənə aydın olmadı. Azərbaycan hansı təhlükəsizlik sistemində  özünü görür? Yaxud yaxın gələcəkdə Azərbaycan harada olacaq? Yəni biz regional məsələlərdən danışırıq. Müxtəlif terminlər var. “Region” deyəndə biz Cənubi Qafqazımı nəzərdə tuturuq? Yaxud keçmiş Sovet İttifaqının ərazilərinimi nəzərdə tuturuq? Milli təhlükəsizlik konsepsiyasında Xəzər regionunun adı çəkilir. Coğrafi baxımdan, əlbəttə,  Azərbaycan Asiyada yerləşir. Amma siyasi baxımdan Şərqi Avropanın bir hissəsidir. Həqiqətən, Şərqi Avropanın bir hissəsi hesab edilirmi? Bu, strateji məsələ olduğundan, mənə elə gəlir ki, həmin məsələlər burada öz əksini tapmalıdır.
İlyas müəllim də  Azərbaycan Respublikasının statusu ilə bağlı  məsələni qeyd etdi. Azərbaycan super dövlət deyil, böyük güclərin siyahısına daxil deyil, regional güc də deyil. Azərbaycan kiçik dövlətdir. Ona görə də burada strateji müttəfiqlər və strateji alyanslar məsələsi  öz əksini tapmalıdır. Əlbəttə, mənim burada istədiyim o deyil ki, bu gün  hansısa ölkənin bizim strateji müttəfiqimiz olduğunu göstərək. Sabah o, müttəfiq olmaya da bilər, dəyişə bilər. Amma Azərbaycanın kiçik dövlət statusunda olması reallıqdır. Bizim istəyimizdən asılı deyil. Bu məsələyə aydınlıq gətirmək lazımdır.
Burada konseptual baxımdan bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Doktrinanı başqa ölkələrin bu tipli sənədi ilə müqayisə eləyirəm və Ziyafət müəllim də dedi ki, onlarla uyğunlaşdırılıb. Termin baxımından uyğunlaşdırıla bilər. Amma Azərbaycan dünyada olan 2-3 dövlətdən biridir ki, ərazisi işğal olunub. Sənədin ruhunda bu yoxdur. Elə bil ki, bizim torpaqlarımız işğal  altında deyil. Çox rahat, çox yumşaq şəkildə yazılıb. Deməli, Qarabağla bağlı kiçik bir hissədə məlumat var. Mənə elə gəlir ki, bu məsələ preambulada da, “Azərbaycan Respublikasının təhlükəsizlik mühiti” bölməsində də qeyd olunmalıdır. Təhlükəsizlik mühitinə  gəlincə, bir məsələyə mən diqqətinizi cəlb etmək istəyirəm. Əgər Azərbaycanı Böyük Orta Doğunun, Orta Şərqin bir hissəsi hesab ediriksə, ümumiyyətlə, qonşu dövlətin nüvə silahına malik olmaq istəklərini nəzərə alırıqsa, burada bir neçə bənddən sonra 13-cü maddədə nüvə silahının yayılmamasının Azərbaycanın təhlükəsizlik məsələsində  önəmli olduğunu əlavə etməliyik.
15-ci maddədə yazılır: “Azərbaycan Respublikasının işğal olunmuş əraziləri beynəlxalq nəzarətin hər hansı formasından kənarda qalmışdır”. Baxın, bu, yumşaqdan da yumşaqdır. Məncə, mütləq bu dəyişməlidir. Burada “Azərbaycan Respublikası hökumətinin nəzarətindən və beynəlxalq nəzarətdən kənarda” olmalıdır. Nə demək istəyirik? Bu, Azərbaycan torpağıdır və birinci növbədə burada Azərbaycanın nəzarətindən kənarda qalması vurğulanmalıdır. 16-cı maddədə də təxminən eyni fikir təkrar olunub. Bu vəziyyət beynəlxalq birliyin problemin həllində göstərdiyi səylərin səmərəsizliyi nəticəsində daha da ağırlaşır. Detallarına varmaq istəmirəm. 
Sədrlik edən. Sağ olun, Nəsib müəllim. Bu sualların bəzilərinə cavab verildi. O ki qaldı region məsələsinə, region birdir, coğrafi regiondur. Həmin coğrafi regionda həm Cənubi Qafqaz gedir, həm Xəzər bölməsi gedir, həm Şərq gedir, həm də Avropa gedir. Biz Şərq yox, avropalıyıq. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının tamhüquqlu üzvüdür. Azərbaycan  Xəzər regionunda,  Cənubi Qafqazda yerləşir. Nə yazılmalıdır? Bu düzgün fikir deyil. İkincisi, Hərbi doktrina açılış sənədi deyil. Yəni bu ölçülmüş-biçilmiş bir sənəddir. Bu məsələni izah etdilər, bir də xırdalamaq istəmirik. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Vaxt tamamlanır. Ona görə də hesab edirəm ki, müzakirələri yekunlaşdırmaq olar. Mən burada səsləndirilən fikirlərə qoşularaq, təqdim olunan Hərbi doktrinanın kifayət qədər ciddi bir tutumda yazıldığını qeyd etmək istəyirəm. Güman edirəm ki, onun əhəmiyyəti və zəruriliyi haqqında fikir söyləmək artıqdır.  Azərbaycanın hərbi-siyasi durumu, mövcudluğu və qarşısında duran vəzifələr, hədəflər kifayət qədər konkret şəkildə müəyyənləşdirilibdir. Bütün bunlar təqdim olunan doktrinanın müsbət cəhətlərini təşkil edir və təqdirəlayiq hallardır.
Bununla yanaşı, mən bilmirəm, bu sənəddə hansı dəyişikliklərin edilməsi mümkündür. Güman edirəm ki, bu dəyişikliklərin edilməsi bəlkə də birinci dərəcəli vəzifə deyil. Amma hər halda sənədin təkmilləşdirilməsi baxımından lazım ola bilərsə, bəzi fikirlərimi səsləndirmək istəyirəm. Mənə belə gəlir ki, bu doktrinada müdafiəçilik məntiqi daha ciddi və daha güclü verilibdir. Nəzərə alsaq ki, Azərbaycanın torpaqları işğal olunubdur və bu torpaqların işğaldan azad olunması Azərbaycanın Silahlı Qüvvələrinin qarşısında duran bir nömrəli vəzifədir, onda sənəddə  başqa ifadələrin, yəni bizim hərbi-siyasi vəziyyətimizi və hədəflərimizi daha düzgün ifadə edən ifadələrin səsləndirilməsinə ehtiyac var.
İkinci bir tərəfdən, təbii ki, doktrina Azərbaycanın hərbi-siyasi durumunu təhlil etmək vəzifəsini qarşıya qoyur. Amma məqsəd yalnız təhlildən ibarət olmalı deyil. Təhlil nəticəsində ortaya çıxan hədələrin və həmin hədələrin aradan qaldırılması yolları da müəyyənləşdirilməlidir. Ona görə də ümumi müddəalarda bu təhlilin aparılması ilə yanaşı, eyni zamanda, təhlil nəticəsində bir sıra hədələr ortaya çıxır. Həmin hədələrin dəf edilməsi və aradan qaldırılması da qarşıda duran vəzifələrdən biri kimi ayrıca qeyd olunmalıdır.
Mən bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Etiraf etmək lazımdır ki, bu, Azərbaycanın mövcud durumunun, hərbi-siyasi  dövrünün doktrinasıdır. Bu durum isə Azərbaycanın torpaqlarının işğal altında olması ilə səciyyələnir. Təbii olaraq, Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Faktiki olaraq müharibə vəziyyətindədir. Bu məqam  mütləq şəkildə burada əksini tapmalıdır. Mən etiraf etmək istəyirəm ki, doktrinada Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycanın torpaqlarının işğal altına alınması ilə müşahidə olunan nəticələrin aradan qaldırılması konkret şəkildə dəfələrlə vurğulanıbdır. Burada qarşıda duran hədəflər aydın şəkildə göstərilib. Amma indiki dövrün xüsusiyyətləri nəzərə alınaraq, mənə elə gəlir ki, doktrinada Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması ilə əlaqədar konkret vəzifələri müəyyənləşdirən bir  fəslin ayrıca verilməsinə ehtiyac var idi.
Bu gün bütövlükdə dövlətin, cəmiyyətin, o cümlədən Silahlı Qüvvələrin qarşısında duran başlıca vəzifə bundan ibarətdir. Əgər biz bunu yayğın şəkildə, ayrı-ayrı maddələrin, ayrı-ayrı fəsillərin içərisində  paylaşdırırıqsa, bizim bu sahədə qarşıda duran hədəfimiz müəyyən dərəcədə yayğınlaşmış olur. Amma müxtəlif vəzifələr, müxtəlif hədəflər, habelə həmin hədəflərin dəf edilməsi yolları, üsulları hamısı bir fəsildə birləşdirilsə, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi siyasəti adı altında ifadə olunsa, mən belə hesab edirəm ki, bundan bizim doktrinanın bugünkü şəraitə və bugünkü şəraitin irəliyə sürdüyü vəzifələrə  uyğunluğu təmin edilər.
Konkret bir məsələni də demək istəyirəm. 35-ci maddədə Azərbaycanın sərhədlərinin müdafiəsi ilə əlaqədar vəzifələr və hədəflər müəyyənləşdirilibdir. Orada quru sərhədləri, su, dəniz hövzəsinin qorunması məsələləri öz əksini tapıbdır. Mən bilmirəm, ola bilər, səhv edirəm, havadan müdafiə məsələsini tapa bilmədim. Yəni Azərbaycanın hava sərhədlərinin və hüquqlarının müdafiəsi məsələsinin, mənə belə gəlir ki, 35-ci maddədə əks olunması, bütövlükdə Azərbaycanın  sərhədlərinin təhlükəsizliyi baxımından tamamlanmış olar. Mən burada dəfələrlə səsləndirilən fikirləri bir daha mütləq qiymətləndirirəm. Təqdim olunan sənədin kifayət qədər ciddi şəkildə hazırlandığını və müasir dövrdə ona ciddi ehtiyac olduğunu qeyd etmək istəyirəm. Deputat həmkarlarımı da bu sənədin təsdiq olunmasına səs verməyə səsləyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Arzu Səmədbəyli.
A.Səmədbəyli. Çox sağ olun, Oqtay müəllim, təşəkkür edirəm. Burada söhbət gedirdi ki, mənə söz veriləcək, yaxud verilməyəcək. Hər halda zaman bitmişdir. Mən də onu nəzərə alıb, sadəcə, bir neçə kəlmə deyəcəyəm. Tam 5 dəqiqə danışmayacağam. Çünki bu məsələ ilə bağlı burada bizim 5 səhifədən ibarət təkliflərimiz var. Növbəti oxunuşlarda bunu deyəcəyik. Ümumiyyətlə, belə bir sənədin parlamentdə qəbulunu doğru hesab edirəm. Hesab edirəm ki, dövlətçiliyimiz baxımından çox əhəmiyyətli sənədlərdən biridir və burada da bir xeyli məsələ öz həllini tapıb. Amma  həllini tapmayan bir xeyli məsələ də var. Yəqin ki, bunu da  zaman-zaman deyəcəyik.
2007-ci ildə Milli təhlükəsizlik konsepsiyası qəbul olundu. Təbii ki, o da vacib olan sənədlərdən biri idi. Amma o zaman həmin sənəd də ictimai müzakirəyə verilmədi. Ölkənin aparıcı müxalifət partiyalarının liderləri, bayaq Pənah bəy burada söylədi, ekspertlər, uzmanlar bu məsələnin müzakirəsinə cəlb olunmadı, ictimai müzakirədən keçmədi. İndi də Hərbi doktrina layihəsi təqdim olunub.
Bir detalı qeyd etmək istəyirəm. Bunun adı Hərbi doktrinadır. Sənədə diqqət etsəniz, müdafiə siyasətindən bəhs olunur. Amma hərbi siyasət haqqında burada heç nə yoxdur. Olmalıdırmı, olmalı deyilmi? Siz hesab edirsiniz ki, olmalı deyil. Tutaq ki, biz hesab edirik ki, olmalıdır və bunu əsaslandırırıq. Ona görə də birinci oxunuşdan keçəndən sonra mən təklif edirəm ki, növbəti oxunuşlara qədər bu sənəd ictimai müzakirəyə təqdim olunsun və bütün ekspertlərin, uzmanların bu məsələ ilə bağlı fikirləri toplansın. Geniş ictimai müzakirədən sonra bu məsələnin qəbulu, məncə, daha uğurlu, daha səmərəli ola bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Amma qanun layihəsinə bir az diqqətli baxmamısan. Bu bir neçə oxunuşdan keçmir. Bu qanun layihəsi bir oxunuşda təsdiq olunur. Kağızı verə bilərsən. İkincisi, sözündən belə çıxdı ki, hərbi uzmanlar yalnız müxalifətdə olur. Onlarla olmayıbsa, deməli,  ekspert yoxdur. Mən hesab edirəm ki, qanun layihəsi qədərincə müzakirə olundu. Xahiş edirəm, Hərbi doktrinanın təsdiq edilməsinə münasibət bildirəsiniz.

                    Səsvermənin nəticələri                        (saat 18.01 dəq.)
                    Lehinə                                                                       110
                    Əleyhinə                                                                       2
                    Bitərəf                                                                          1
                    Səs vermədi                                                                  0
                    İştirak edir                                                                  113
                    Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Növbəti iclas haqqında sizə xəbər veriləcək. Sağ olun.

 

Edilməmiş çıxışın mətni
8 iyun 2010-cu il

Rüfət Quliyev.  Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, xanımlar və cənablar! Son aylarda ölkədə baş verən təbii fəlakətlər, xüsusilə Kür və Araz çaylarının daşması ilə əlaqədar yaranan vəziyyət bir daha göstərdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev hələ beş il əvvəl Fövqəladə Hallar Nazirliyinin yaranması haqqında qərar qəbul edərkən uzaqgörənlik nümayiş etdirmiş, ölkə üçün həyati vacib bir strukturun yaradılmasını zəruri hesab etmişdir.
Yaxın keçmişdə və hazırda dünyada baş verən təbii fəlakətlər və texnogen proseslər göstərdi ki, bu problemlərin qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görməyən ölkələr hər sahədə olduqca böyük itkilərə məruz qaldılar.
Bu gün müzakirəyə çıxarılan məsələ ölkə həyatının bütün sahələrini əhatə edən, vətəndaşları baş verən və baş verə biləcək təbii fəlakətlərdən, bədbəxt hadisələrdən xilas edən, bərpa işləri görən mühüm bir strukturda xidmət edənlər haqqındadır. Bildiyiniz kimi, son beş ilə kimi Azərbaycanda belə bir qurum yox idi. Baş verən təbii fəlakətlərin, bədbəxt hadisələrin nəticələri qeyri-operativ şəkildə pərakəndə halda təşkil olunan, heç də həmişə səriştəli olmayan qruplar tərəfindən aradan qaldırılırdı.  Ötən beş il ərzində ölkənin müxtəlif regionlarında baş verən təbii fəlakətlərin, bədbəxt hadisələrin qarşısının alınması, nəticələrinin planlı qaydada və operativ şəkildə ləğv edilməsi göstərdi ki, Fövqəladə Hallar Nazirliyi necə məsul bir funksiyanı layiqincə yerinə yetirir.
Müasir texnika və avadanlıqlarla təchiz olunmuş bu zəruri dövlət qurumu tez bir zamanda digər qurumlar arasında öz yerini tutdu və hazırda ölkə iqtisadiyyatının inkişafı, dövlət və şəxsi mülkiyyətin qorunması, baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm işlər görür, eyni zamanda da, əhali arasında geniş maarifçilik fəaliyyəti göstərir, qabaqlayıcı tədbirlər həyata keçirir. Sözsüz ki, bu qurumun belə çevik və səriştəli fəaliyyət göstərməsində orada işləyən şəxslərin, ilk növbədə, onun rəhbərinin böyük əməyi vardır. Buna görə də belə məsul bir sistemdə hazırlıqlı, savadlı, ekstremal şəraitlərdə optimal qərarlar qəbul etmək qabiliyyətinə malik, fiziki cəhətdən sağlam və əqidəli insanlar işləməlidirlər.
Hazırda müzakirə etdiyimiz qanun layihəsi ilə yaxından tanışlıq  göstərir ki, onu hazırlayıb ərsəyə gətirənlər bütün bu və digər əhəmiyyətli amilləri nəzərə almış və ortaya 36 maddədən ibarət təkmil bir sənəd çıxarmışlar. Bu maddələrin hər biri qurumun fəaliyyətinin formalaşmasına, daha da təkmil olmasına, onun işçilərinin operativ fəaliyyət göstərməsinə və iş qabiliyyətlərinin daha da yüksəlməsinə yönəlmişdir.
Mən bu qanun layihəsini bəyənir, onun qəbul olunmasının lehinə səs verir və deputat həmkarlarımı da buna dəvət edirəm.
Diqqətinizə görə sağ olun.

 

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi