2010-ci il 12 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI

MİLLİ  MƏCLİSİNİN
XVI  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  149

Milli  Məclisin  iclas  salonu.
12  oktyabr  2010-cu  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri .
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə na-ziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və en-ergetika naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil na-ziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası He-sablama Palatasının auditoru.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Əlövsət Baxşiyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Raqim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Elmir Vəlizadə, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazir-inin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikası Milli Məclisinin 2011-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikası Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası haqqında.

* * *

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başlanılmışdır.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                 O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

12  oktyabr  2010-cu  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız.
Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, media nümayəndələri, xanımlar və cənablar!
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat  (saat 12.06 dəq.)
İştirak edir  107
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, bugünkü gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.07 dəq.)
Lehinə  104
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  104
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi, iclasımıza başlaya bilərik.
Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, ölkəmizin uzunmüddətli inkişafının təmin edilməsinə yönəldilmiş iqtisadi strategiya möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dünyada baş verən reallıqlar nəzərə alınmaqla uğurla həyata keçirilir. Bu gün Milli Məclisin müzakirəsinə çıxarılan Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında qanun layihəsi, büdcə zərfinə daxil olan digər sənədlərin layihələri də səngiməkdə olan qlobal maliyyə-iqtisadi böhran şəraiti və hazırda baş verən iqtisadi canlanma meyilləri nəzərə alınmaqla tərtib edilmişdir. Həyata keçirilən çevik iqtisadi siyasət nəticəsində bu gün əminliklə söyləmək olar ki, böhran Azərbaycan iqtisadiyyatına cüzi təsir göstərmişdir. Cari ilin sonlarında əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun real artımının 6 faizə qədər olacağını nəzərə alsaq, bu fikir öz təsdiqini tapmış olur. Önəmlidir ki, bu göstərici iqtisadiyyatımızın əsasını təşkil edən neft sektoruna nisbətən qeyri-neft sektorunda 3 dəfəyə yaxın çoxdur. Bu, neft gəlirləri hesabına ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsi strategiyasının uğurlu nəticəsidir.
Digər müsbət cəhət cari ilin sonlarında orta illik inflyasiyanın 5 faiz civarında gözlənilməsidir. Əvvəlki illərdə olduğu kimi, cari ildə də daxili sərmayələrin stimullaşdırılması investisiya siyasətinin əsas qayələrindən biridir. İlin sonlarında əsas kapitala yönələn investisiyaların 69 faizinin daxili sərmayələr hesabına olması gözlənilir. Bu, investisiya fəaliyyətinin müsbət göstəricilərindən biridir. Hazırda Azərbaycan iqtisadiyyatında baş vermiş struktur dəyişiklikləri inkişafın yeni mərhələsinin əsas hədəflərini müəyyənləşdirir. Bunlar neft sektorundan asılılığın azaldılması, regionların təsərrüfat və xammal ehtiyatlarından daha səmərəli istifadə edilməsi, iqtisadiyyatda xidmət sektorunun xüsusi çəkisinin artırılması, insan resurslarından təyinatlı istifadə yolu ilə ölkənin iqtisadi qüdrətinin gücləndirilməsidir.
Hörmətli millət vəkilləri! 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 12,1 milyard manat nəzərdə tutulmaqla cari ilin təsdiq olunmuş göstəricisindən təqribən 5 faiz yüksəkdir. Qeyri-neft sektoru üzrə gəlirlər cari ilin proqnozu ilə müqayisədə 8 faiz artıq proqnozlaşdırılır. Önəmli haldır ki, Vergilər Nazirliyi üzrə daxilolmaların 62 faizi qeyri-neft sektorunun payına düşür. 2011-ci ilin dövlət büdcəsi tərtib olunarkən dünya maliyyə bazarlarında vəziyyətin və neftin qiymətlərinin mütəmadi dəyişməsi nəzərə alınmış, gəlirlər və xərclər növbəti 3 il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası ilə uzlaşdırılmışdır. Neftin bir barrelinin qiyməti 60 Amerika dolları məbləğində götürülmüşdür. Ölkənin neft gəlirlərinin artmasının pul tədavülünə və inflyasiya proseslərinə təsirləri nəzərə alınmış, monetar və fiskal siyasətlər əlaqələndirilmiş, büdcə xərclərindən istifadədə şəffaflığın artırılması tədbirləri müəyyənləşdirilmişdir.
2011-ci ildə dövlət büdcəsinin ayrı-ayrı mənbələr üzrə daxilolmaları və xərclərin istiqamətləri barədə İqtisadi siyasət komitəsinin sədri və maliyyə naziri öz məruzələrində millət vəkillərinə ətraflı məlumat verəcəklər. Təkcə bunu qeyd etmək istərdim ki, büdcənin həm gəlir, həm də xərc hissəsində 4–5 faiz civarında artım nəzərdə tutulmuşdur. Büdcə xərclərinin dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəzərə alınmaqla bölüşdürülməsi, icra olunan proqram və tədbirlərin reallaşdırılmasına yönəldilməsi onlardan istifadənin səmərəliliyinin artmasına, izafi xərclərin qarşısının alınmasına, maliyyələşdirmənin fasiləsizliyinə xidmət edir.
Azərbaycan dövləti növbəti ildə büdcənin sosial və investisiya yönümlü olması xəttini davam etdirəcəkdir. Sənədlərdən də göründüyü kimi, bu vacib sahələr üzrə xərclərin kifayət qədər artımı nəzərdə tutulmuşdur. Ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin və digər aztəminatlı əhalinin sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsi və digər məsələlər həmişə hökumətin diqqət mərkəzində olacaqdır. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 12 faiz artırılaraq, gələcəkdə 2 milyard manata çatdırılacaqdır. Ölkənin müdafiə qüdrətinin yüksəldilməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gələn ilin dövlət büdcəsində xərcləri artırmaqla lazımi qədər maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, fikrimi yekunlaşdıraraq bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, büdcənin tərtibi praktikası ildən-ilə təkmilləşdirilir. Azərbaycan dövlətinin başçısı bu işə daim diqqət və nəzarət edir. 2011-ci ilin dövlət büdcəsi yüksək səviyyədə hazırlanmış və qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə Milli Məclisə təqdim edilmişdir. Mən əminəm ki, 2011-ci ilin dövlət büdcəsinin icrası Azərbaycan iqtisadiyyatının tərəqqisinə və xalqın rifah halının yaxşılaşmasına xidmət edəcəkdir.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, bu gün biz dövlət büdcəsinin təqdimatına və müzakirəsinə başlayırıq. Təklif edirəm ki, iclasımızı bu istiqamətdə quraq. İlk öncə, bildiyimiz kimi, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, dövlət büdcəsi layihəsi bizim bütün komitələrdə müzakirə olunmuşdur və bu müzakirələr haqqında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış etsin, fikirlərini bildirsin. Sonra maliyyə nazirinin və iqtisadi inkişaf nazirinin məruzələrini dinləyək, Mərkəzi Bankın İdarə Heyətinin və Hesablama Palatasının sədrlərinin də mülahizələrini dinlədikdən sonra müzakirələrə keçək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda söz verilir komitə sədri Ziyad Səmədzadəyə. Buyurun. Neçə dəqiqə vaxt lazım olacaq?
Z.Səmədzadə. 20–25 dəqiqə.
Sədrlik edən. 20–25 dəqiqə. Buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hörmətli cənab Sədr artıq 2011-ci il dövlət büdcəsinin prinsipial istiqamətləri barədə fikirlərini dedi, mən də İqtisadi siyasət komitəsinin sədri olaraq digər komitələrin sədrləri ilə birlikdə bu müddəaların reallığa tam uyğun olduğunu deyirəm. Hesab edirəm ki, əvvəlki illərdən fərqli olaraq bu il Milli Məclisə təqdim edilən büdcə layihəsi zənginləşmiş, “Büdcə sistemi haqqında” Qanuna və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq müəyyən edilmiş müddətdə Milli Məclisə təqdim edilmişdir.
XX əsrin axırlarında ulu öndər Heydər Əliyev XXI əsrin gəlişi ilə əlaqədar olaraq xalqa müraciət edəndə bildirmişdi ki, Azərbaycan XXI əsrdə daha dinamik, daha dayanıqlı inkişaf edəcək və dünya dövlətləri arasında özünə layiq yer tutacaqdır. Biz bu il XXI əsrin ilk on illiyinə yekun vururuq. Bu on il ərzində Azərbaycan, sözün əsl mənasında, dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmiş, iqtisadi cəhətdən möhkəmlənmişdir. Ölkə daxilində cəmiyyətin inkişafı ilə əlaqədar olaraq birmənalı şəkildə konsensus əldə edilmişdir. Əsrin əvvəllərində ölkədə ümumi daxili məhsulun həcmi 6,1 milyard manat, adambaşına düşən ümumi daxili məhsul 750 manat idi. 2010-cu ilin sonlarında bu göstərici 4300 manat, 2011-ci ilin göstəricilərinə görə 5500 dollar olacaqdır. Ölkənin valyuta ehtiyatları 1,4 milyard manat idi, indi 26,5 milyard manatdır. Dövlət büdcəsinin əsas parametrləri, yəni gəlirləri 910 milyon manat idi, bu gün isə 11,5 milyard manatdır. 2010-cu ilin dövlət büdcəsi – təkcə bir ilin dövlət büdcəsi 2000–2006-cı illərdəki dövlət büdcəsinin xərclərindən çox olmuşdur. 2010-cu ilin dövlət büdcəsində qeyri-neft sektorunun gəlirləri də 2000–2005-ci illər üzrə gəlirlərin cəmindən çox olmuşdur. Bu rəqəmlər adi rəqəmlər deyil. Onların arxasında ulu öndərin vaxtilə müəyyən etdiyi strategiyanın bu gün cənab Prezident tərəfindən reallaşdırılması istiqamətində çox böyük əhəmiyyət kəsb edən işlər durur. 2011-ci ilin büdcəsi də məhz bu prinsiplərə əsaslanaraq Milli Məclisə təqdim edilmişdir.
Hörmətli Oqtay müəllim bildirdi ki, Milli Məclisin bütün komitələrində müzakirələr çox açıq, işgüzar şəraitdə keçmiş, millət vəkillərinin, hökumət üzvlərinin iştirakı ilə bir sıra aktual məsələlərə toxunulmuş, Milli Məclisə təqdim edilmiş qanun layihəsinin vacibliyi birmənalı şəkildə qeyd edilmiş, onun ildən-ilə daha yüksək səviyyədə tərtib olunması xüsusi vurğulanmışdır. Mən bir neçə dəqiqədən sonra 2011-ci ilin büdcəsində ilk dəfə olaraq hansı məsələlərə aydınlıq gətirildiyi, büdcənin şəffaflığının artırılması istiqamətində hansı konkret məsələlərin həll edildiyi barədə fikrimi söyləyəcəyəm. Milli Məclisin bütün komitələrində iclas keçirdik, komitələrin yekun qərarı belədir ki, 2011-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi bütövlükdə Azərbaycan dövlətinin milli maraqlarına cavab verən qanun layihəsidir. Ölkənin iqtisadi təhlükəsizliyini, müdafiə təhlükəsizliyini təmin edən qanun layihəsidir. Dövlət başçısının strateji inkişafla əlaqədar olaraq müəyyən etdiyi bütün istiqamətlər üzrə burada konkret məsələlər nəzərdə tutulur, onların reallaşması Azərbaycanı yeni inkişaf səviyyəsinə qaldıracaq.
Təbii ki, hər bir ölkədə büdcə sistemi, büdcə haqqında danışarkən ilk növbədə dövlət büdcəsinin gəlirləri barədə məlumat verilir. Büdcə sistemi haqqında qanunda da göstərilir ki, ən başlıca göstərici dövlət büdcəsinin gəlirləridir. Qətiyyətlə bildirmək lazımdır ki, artıq Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin formalaşması istiqamətində müstəqilliyin ilk illərində, XX əsrin sonlarında mövcud olan çətinliklər tamamilə aradan qaldırılmışdır. Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında bilavasitə iştirak edən Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər qurumlar qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər. Əgər Neft Fondundan transferləri nəzərə almasaq, Vergilər Nazirliyi bütövlükdə büdcə gəlirlərinin 80 faizini təmin edir. Bu gəlirlərin tərkibində ildən-ilə belə bir dinamika var. Mən vaxtınızı rəqəmlərlə almaq istəmirəm, çünki hörmətli Samir müəllim bu barədə danışacaq. Bu gəlirlərin tərkibində də qeyri-neft sektorunun, qeyri-neft gəlirlərinin artım dinamikası müşahidə olunur.
Sovetlər vaxtında büdcənin gəlirlərinin formalaşmasını təmin edən 3 əsas amil var idi. Yüngül sənaye, bir sıra ərzaq məhsulları, şərabçılıq və tütün. Bütün sovet respublikalarında büdcənin formalaşmasını, əsasən, bu sahələr təmin edirdi. İstehsal vasitələri qiymətlərinin aşağı olması, neftin qiymətinin maya dəyərindən də aşağı olması, təbii ki, bir çox respublikalarda büdcənin formalaşmasında problemlər yaradırdı. Sovet İttifaqı dağılandan sonra biz bu üç amildən məhrum olduq. Nəinki biz, bir çox respublikalar. Qorbaçovun vaxtında şərabçılıq dağıldı, üzümçülük dağıldı və beləliklə, büdcənin gəlirlərinin bir mənbəyi aradan götürüldü. İri sənaye müəssisələri arasındakı iqtisadi əlaqələri itirdik. Tütünçülük də bu gün dünyada gedən proseslərlə əlaqədar olaraq büdcənin gəlirlərinin formalaşmasında o qədər də iştirak etmir. Üstəlik, Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun 80 faizi özəl sektorda yaranır. Özəl sektor isə heç də bütün istiqamətlərdə dövlət büdcəsində iştirak etmir. Yəni bütün iqtisadi yük dövlətin üzərinə düşür. Belə bir şəraitdə Azərbaycan dövləti çox düşünülmüş iqtisadi siyasət yeridir və bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda strateji proqramların yerinə yetirilməsində heç bir problem yaranmır. Eyni zamanda, Gömrük Komitəsi vasitəsilə yığılan vəsaitlər üzrə müəyyən edilmiş proqnozlara əməl edilmiş və 2011-ci ildə də müəyyən artım nəzərdə tutulmuşdur. Ən başlıca məsələ ondan ibarətdir ki, cəmi on il – XXI əsrin ilk on ili ərzində və ondan qabaqkı qısa bir dövr ərzində biz müstəqil Azərbaycan dövlətinin gömrük sistemini yaratdıq. Qloballaşan dünyada gömrük sistemi beynəlxalq gömrük təşkilatlarının nəzarəti altında yaradılanda böyük problemlər ortaya çıxır və bu problemlər də cənab Prezident tərəfindən müəyyən edilmiş tapşırıqlara əsasən ölkənin iqtisadi təhlükəsizliyinin, milli təhlükəsizliyinin təmin edilməsi çərçivəsində uğurla həyata keçirilir.
2011-ci ilin dövlət büdcəsini təqdim edərkən bir məsələni də vurğulamaq istərdim. Bir neçə il bundan qabaq biz çox arzulayırdıq ki, ümumi daxili məhsulun xeyli hissəsi büdcə vasitəsilə bölüşdürülsün. Onda Azərbaycanın ümumi daxili məhsulunda büdcənin xüsusi çəkisi cəmi 13–14 faiz idi. Bu gün cəsarətlə deyirik ki, artıq Azərbaycanda bu sistem formalaşır və ümumi daxili məhsulun 30 faizi büdcə vasitəsilə bölüşdürülür. Nəzərə alsaq ki, biz bu sistemə yeni keçmişik, bu çox yüksək rəqəmdir. Bu artıq o deməkdir ki, bizim büdcə sistemi formalaşıb, oturuşub və gələcəkdə yaradılacaq büdcədən maliyyələşən təşkilatların sayı, keyfiyyəti yüksəldikcə, təbii ki, bu artım nəinki aşağı düşməyəcək, hətta müəyyən həddə qədər yüksəlməyə doğru gedəcək və bununla da biz Azərbaycanın dayanıqlı inkişafını təmin etmək və dövlətin funksiyalarını yerinə yetirmək üçün büdcə amilindən səmərəli surətdə istifadə edəcəyik.
Millət vəkilləri müzakirə zamanı, eyni zamanda, belə bir fikri vurğuladılar ki, büdcə gəlirlərinin artırılması üçün real sektorun imkanlarından daha səmərəli istifadə etmək lazımdır. Burada bizim imkanlarımız çoxdur. Son illərin nəticələri göstərir ki, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin göstərişləri, hökumətin bu göstərişləri ciddi nəzarətə götürməsi və onların yerinə yetirilməsi ilə əlaqədar olaraq bir sıra sənaye müəssisələrinin yaradılması artıq Azərbaycanda sənaye siyasətinin formalaşması üçün böyük imkanlar açır. Mən keçən dəfə də demişdim, bu gün də böyük fəxrlə deyirəm ki, Gəncədə traktor zavodunun yaradılması, artıq bu sənaye müəssisəsinin 100 milyon manatlıqdan çox məhsul istehsal etməsi və böyük proqnozlarla fəaliyyətini davam etdirməsi, heç şübhəsiz ki, Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanması deməkdir. Təbii ki, bir sıra sənaye müəssisələri yaradılmalıdır. Bizim bir neçə maşınqayırma zavodumuz olmalıdır ki, hər şey üçün dünya ölkələrinə müraciət etməyək. Ərazisi o qədər də böyük olmayan, strateji nöqtədə yerləşən Azərbaycan dövlətinin bir neçə belə müasir sənaye müəssisəsi olmalıdır. Eyni zamanda, bu gün qürur hissi ilə deyirik ki, dövlət büdcəsindən maliyyələşmə vasitəsilə Azərbaycan süni peyk buraxacaq. İnformasiya texnologiyaları sahəsində istehsal olunan məhsul ümumi daxili məhsulun 5 faizini keçəcəkdir.
Dünya ölkələri ilə müqayisədə isə çox maraqlı nəticələr görürük. Biz qloballaşan dünyada yaşayırıq, təbii ki, millət vəkilləri müzakirələrdə dünyanın ayrı-ayrı ölkələrindən misallar gətirirdilər. Ermənistanın büdcə kəsiri bu il 20 faizdir, büdcə xərclərində əsaslı xərclər cəmi 15 faizdir. Siz təsəvvür edin, bu 15 faiz də ancaq mövcud olan binaların təmirinə, qurğuların təmirinə, müəyyən yolların təmirinə gedir. Azərbaycanda isə bilirsiniz ki, əsaslı xərclər cari xərclərlə birlikdə 50–55, 47–53 arasında tərəddüd edir. Bu bizim büdcəmizdən inkişafa lazımi vəsait ayrılmasına, dövlətin iqtisadiyyatda rolunun çevik formada olmasına şərait yaradır.
Mən bir məsələni də demək istərdim. Büdcə müzakirələrində mən bir neçə komitənin iclasında iştirak etdim, millət vəkilləri haqlı olaraq Neft Fondu ilə əlaqədar məsələ qaldırdılar. Bu da təbiidir. Neft Azərbaycanın sərvətidir, bu sərvətdən harada, hansı dərəcədə, bu gün və sabah istifadə edilməsi büdcədə öz əksini necə tapmalıdır? Bəziləri deyirlər ki, biz Neft Fondundan istifadə etməyək, bəziləri isə deyirlər ki, istifadə edək. Mən bu fikirdəyəm ki, bu gün Neft Fondundan istifadə Azərbaycanın milli maraqları baxımından, Azərbaycanın təhlükəsizliyi baxımından, Azərbaycanın ehtiyaclarını ödəmək baxımından son dərəcə vacibdir. Dünən burada mən bir rəqəmi dedim. Neft Fondunun cəmi 11 yaşı var. Bu 11 yaşın bir hissəsində, ilk illərində gəlirlər olmadı. Neft Fondunun gəlirləri, əsasən, 2006-cı ildən sonra sürətlə artmağa başladı. Biz bunun bir hissəsindən bu gün istifadə etməsək, Allah da bizə bağışlamaz ki, siz nə edirsiniz? Ehtiyaclarımız var, qaçqınlarımız var, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirməliyik. Ona görə biz bir müddət Neft Fondundan mütləq və mütləq istifadə etməliyik. Hər bir ailə, sahibkar gəlir qazanarkən ilk illərdə gəlirinin bir hissəsindən mütləq və mütləq öz ehtiyaclarında olan boşluqları doldurmaq üçün istifadə edir. Bu gün Neft Fondundan ayrılan vəsaitlər, heç şübhəsiz ki, ölkənin milli maraqlarına cavab verir və hesab edirəm ki, biz bu siyasəti davam etdirməliyik.
Eyni zamanda, komitədə biz neftsiz büdcənin ilk parametrlərini də yoldaşlarla birlikdə müzakirə etdik. Neft Fondunu nəzərə almadan büdcə gəlirlərinin daxilində qeyri-neft gəlirləri sürətlə artır. Deməli, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir. Mən bir rəqəm göstərim... vaxtınızı almaq istəmirəm, burada var idi. Yəni Neft Fondundan biz, təbii ki, müəyyən dövrə qədər istifadə etməliyik. Baxın, hörmətli Şahmar müəllim Milli Məclisin komitə iclaslarında açıqlamalar verdi. Biz həmin fonddan necə istifadə edirik? Dünyanın çoxsaylı ölkələrində neft fondu var, sabitləşdirmə fondu var. Baxın, həmin ölkələrdə aparılan siyasətlə neft fondu arasında əlaqə varmı? Çoxunda yoxdur.
Bu yaxınlarda İslam Konfransı Təşkilatına daxil olan 48 ölkənin nümayəndələri Türkiyəyə gəlmişdilər. O toplantıda mən də iştirak edirdim. Plan-büdcə komissiyalarının sədrləri idi. Biz orada açıq məlumat verəndən sonra onlar bizə yaxınlaşdılar. Dedilər ki, Azərbaycanın təcrübəsini biz görürük, dinamik inkişaf var. Qeyri-neft sektorunun üstün inkişafı var və dövlət büdcəsindən maliyyələşən bu sektora dövlət qayğısının artırılması əsas istiqamətdir. Əgər biz bu gün Neft Fondunu kənara qoysaydıq, təbii ki, problemlərimizin çoxu həll olunmazdı. Ona görə mən çox xahiş edərdim ki, biz obyektiv olaq. Bir sıra məsələlərdə obyektiv olaq.
Bəzən müxalifət qəzetlərində yazırlar ki, bizim büdcəmiz antisosial büdcədir. Bu heç bir həqiqətə uyğun gəlmir. Yəqin, hörmətli Samir müəllim məlumat verəcək, o məlumatda görəcəksiniz ki, bu dövlət büdcəsinin arxasında nə qədər insanın taleyi dayanır, nə qədər insanın maaşı dayanır, nə qədər büdcə təşkilatının normal, ahəngdar fəaliyyəti dayanır. Əgər bizim büdcə xərclərinin 33 faizi sosial sahəyə yönəldilirsə, üstəlik, özəl sektor ildən-ilə sosial məsuliyyətini artırırsa, təbii ki, o ittiham heç cür reallığa uyğun gəlmir. Mən bir iqtisadçı kimi, bir peşəkar kimi demirəm, orta səviyyəli iqtisadçı kimi hesab edirəm ki, biz bu ittihamı qəbul edə bilmərik.
2011-ci ilin büdcəsində sosial sahənin xüsusi çəkisi artır. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin daha üstün sürətlə artırılması davam etdirilir. Baxın, 2011-ci ildə Azərbaycanın təhsilinə, səhiyyəsinə, mədəniyyətinə ayrılan büdcə xərcləri Azərbaycanın 2004-cü ildəki büdcəsindən 1,5 dəfə çoxdur. Məgər bu, dinamika deyilmi? Məgər bu, xalqın güzəranının yaxşılaşmasına, cəmiyyətin ümumi səviyyəsinin artmasına yönəldən bir büdcə deyilmi? Mən bayaq dedim, Qırğızıstanda 28–30 faiz büdcə kəsiri var. Azərbaycanın dövlət büdcəsinin kəsiri 1,7 faizdir. Məgər bu müqayisə hər şeyi demirmi? Amma 10 il bundan qabaq Beynəlxalq Valyuta Fondu, bir çox digər təşkilatlar Qırğızıstanı bütün dünyaya nümunəvi islahatçı ölkə kimi təqdim edirdilər. Bizi tənqid edirdilər ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmamısınız, beynəlxalq təşkilatlarla az əməkdaşlıq edirsiniz və sair və ilaxir. Yəni Büdcə sistemi haqqında qanunun tələb etdiyi kimi, dövlət büdcəsinin bu vacib parametri də göstərilib.
Sosial yardım məsələsi. Cənab Prezidentin fərmanından sonra bu istiqamətdə böyük işlər görülüb. Mən deyərdim, yeni bir struktur, yeni bir təsisat yaradıldı. Bu da bizim taleyimizin bir mərhələsidir. Bir müddətdən sonra, ola bilsin ki, ehtiyac meyarına lüzum qalmayacaq, həmin göstəriciyə ehtiyac qalmayacaq, o qanun qüvvədən düşəcək, amma bu gün Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində görülən tədbirlərdə ehtiyac meyarı göstəricisi mühüm yer tutur. Yəqin ki, hörmətli Hadi müəllim, bizim həmkarlarımız bu barədə danışacaqlar. Azərbaycanda bu sistem artıq formalaşıb, onlara yardımlar artıb. Ortaya problemlər çıxır, ancaq bu problemlər də həll edilir. Müəyyən rayonlarda, ola bilər, nöqsanlar olsun. Amma bunlar da həll edilir və bu gün Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən işlər görülür.
Mən bir göstəriciyə də nəzər salım, diqqət verin, xahiş edirəm. Jurnalistlərə də bildirmək istəyirəm. 2002-ci ildə adambaşına düşən büdcə gəlirləri 150 manat, adambaşına düşən xarici borcumuz 190 manat təşkil edirdi. Yəni büdcə gəlirlərimiz adambaşına düşən xarici borcdan az idi. 2011-ci ildə adambaşına büdcə gəlirlərimiz, Maliyyə Nazirliyinin təqdim etdiyi materiallara görə, 1630 manat, adambaşına xarici borcumuz 250 manat təşkil edib. Yəni büdcə gəlirləri adambaşına düşən borcdan 6,5 dəfə yüksəkdir. Bu gün biz borc alırıq və bu borclardan səmərəli istifadə olunması, – Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin təqdim etdiyi materiallarda da göstərilib, – daha da artmalıdır. Riskləri azaltmaq üçün biz həmin borcları real sektora yönəltməliyik, müasir sənaye müəssisələrinə yönəltməliyik. Eyni zamanda, biz borcalan ölkədən borcverən ölkəyə çevrilmişik. Bu bizim tarixi nailiyyətimizdir və bu barədə, yəqin ki, sizin də kifayət qədər məlumatınız vardır. Biz dünyanın 140-dan çox ölkəsi ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri mübadilədir. İnsanlar arasında, dövlətlər arasında mübadilənin də müsbət cəhətləri var. Eyni zamanda, biz borc veririk və bu borcun idarə olunması Maliyyə Nazirliyinin, hökumətin çox ciddi nəzarəti altındadır. Bizim hökumətin təqdim etdiyi materiallardan görünür ki, qlobal maliyyə böhranı şəraitində heç bir ölkə, beynəlxalq təşkilat ilə bizim borcla əlaqədar problemimiz meydana çıxmamışdır. Bu, Azərbaycan dövlətinin nüfuzudur. Bu, Azərbaycan dövlətinə inamdır və bu, Azərbaycan dövlətinin yeritdiyi büdcə siyasətinin məntiqi nəticəsidir.
Banklar və inflyasiya haqqında, yəqin, hörmətli Elman müəllim çıxış edəcək. Mən ancaq bir şeyi deyim. Bir iqtisadçı kimi mənim fikrim ondan ibarətdir ki, dövlətimizi inkişaf etdiririk, yeni müəssisələr tikirik, böyük infrastruktur layihələri həyata keçiririk. Yollar çəkilir, Azərbaycan geniş yol şəbəkəsinə malik olan dövlətə çevrilir. İnkişaf olan yerdə inflyasiya olmalıdır. Əgər biz inflyasiyanı 1 faiz, 2 faiz səviyyəsində qoruyub saxlasaq, inkişaf edə bilmərik. Bizim yeni zavodlarımız olmaz, yeni iş yerlərimiz olmaz, pul gəlirlərimiz artmaz. Ona görə də, hörmətli Oqtay müəllim, millət vəkillərinin fikri ondan ibarətdir ki, Azərbaycan dövlətinin apardığı borc siyasəti, dövlətin, Maliyyə Nazirliyinin, hökumətin borclanma ilə əlaqədar gördüyü tədbirlər çox diqqətəlayiqdir. Ancaq burada bir problem var. Milli Məclisin iclasında bizim millət vəkilləri də qeyd etdilər. O da kommersiya strukturlarının borcları problemidir. Təbii ki, burada dövlətin məsələyə qarışmaq imkanları məhduddur, açıq bazar münasibətləri var. Ancaq kommersiya borclarının artmasına biz o qədər də getməməliyik. Riskli borclardan qurtarmalıyıq. Alınmış kreditlərdən necə istifadə olunması üzərində bizim nəzarətimiz, təbii ki, daha güclü olmalıdır. Bu barədə Mərkəzi Bankın, hörmətli Elman müəllimin müəyyən baxışları var. Mən də, bizim millət vəkilləri də o baxışları bölüşürük.
Aqrar sektorla əlaqədar olaraq, çox dəyərli müzakirələr getdi. Konkret rəqəmlər var ki, biz aqrar sektora 50 milyon, 60 milyon pul ayırırdıq. İndi yarım milyarda qədər pul ayrılır. Əsas vəzifə bu kreditlərdən səmərəli istifadə etmək, Sahibkarlığa Kömək Fondu xətti ilə qaytarılan kreditləri yenidən infrastruktura yönəltmək, anbarların tikilməsinə sərf etməkdir. Hörmətli Artur müəllim bilir, siz də bilirsiniz ki, Azərbaycanda böyük bir aqrar-sənaye kompleksi var idi. Bu gün biz anbarlar tikməklə, traktor zavodu tikməklə, onları texnika ilə təmin etməklə, ehtiyat hissələrini hazırlamaqla aqrar-sənaye kompleksini formalaşdırırıq. Aqrar-sənaye kompleksinin formalaşdırılması nəticəsində Azərbaycanın büdcə siyasətində böyük dəyişikliklərin olacağına da bizim heç bir şübhəmiz yoxdur.
Bir neçə kəlmə də Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan xərclər barədə. Xüsusi müdafiə təyinatlı layihələr üzrə maddi-texniki təminat və material ehtiyatlarının yaradılması ilə bağlı xərclər ayrıca nəzərdə tutulurdu. Aqrar sektorun maddi-texniki təminatı üçün vəsaitlər artırılıb. Mən rəqəmləri demək istəmirəm, çünki hörmətli Samir müəllim bu rəqəmləri deyəcək. Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi istiqamətində addımlar atılıb, dağ çaylarının ərazilərində selə qarşı tədbirlərin həyata keçirilməsi üçün vəsait nəzərdə tutulub. Millət vəkillərinə təşəkkür edirəm, biz sizinlə birlikdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun qəbul etdik. Bu qanunun tətbiqi insanların sosial müdafiəsi üçün artıq öz müsbət nəticələrini verir. Bütövlükdə cəmiyyətdə sosial məsuliyyətin artırılması üçün imkanlar açılır. Telekommunikasiya peykinin orbitə çıxarılması ilə əlaqədar olaraq, artıq böyük işlər görülür. Respublikanın bir sıra yaşayış məntəqələrində ekoloji təmiz içməli su məsələsi həll olunur və sair və ilaxir.
O ki qaldı təsnifat məsələsinə, biz hörmətli Samir müəllimlə və hökumətin başçısı Artur müəllimlə bu barədə bir neçə dəfə söhbət etmişik. Biz büdcə təsnifatına yenidən baxmalıyıq. Yəni orada elə maddələr var ki, onları daha da sadələşdirə bilərik, çünki çoxsaylı suallar doğururlar. Sair xərclər, amma biz sair xərcləri nəzərdən keçirdikdə onların hər birinin təyinatı var.
O ki qaldı büdcənin şəffaflığı məsələsinə, mən bu gün bir qəzetdə də oxudum, reallığı az nəzərə alırıq. 10 il, 5 il bundan qabaq Milli Məclisə təqdim edilən büdcə zərfinin, büdcə materiallarının açıqlığını bugünkü açıqlıqla müqayisə etmək olmaz. Dövlət yeniləşib, dövlət təkmilləşib. Təbii ki, onun strukturlarının fəaliyyəti də təkmilləşib. Biz özümüz də təkmilləşməliyik. Bu qədər böyük işlər görülür. Bayaq mən hörmətli dostum akademik Abel müəllimə kollektiv əsər olan “Bakı 2000-ci ildə” adlı kitabdan bir sitat gətirdim. XX əsrin əvvəllərində Azərbaycan dünyada istehsal olunan neftin 50 faizini verirdi. Amma vəziyyətimiz necə idi? Heç kim məni tənqid eləməsin ki, dünyada hər yerdə inkişaf var. Amma fikir verin, 50 faiz neft verən Azərbaycanda vəziyyət necə idi. Bakı şəhərində 200 min əhali yaşayırdı, o əhalinin 47 min 359 mənzili var idi. Bu mənzillərin hansı səviyyədə olduğunu demək istəmirəm. Yalnız Bakının mərkəzində bütün mənzillərin 14 faizi yüksək səviyyədə idi. Bu gün XXI əsrin əvvəllərində Azərbaycanı müqayisə edirik. Mən bunu ona görə deyirəm ki, hər bir dövlət, hər bir təşkilat, hər bir beynəlxalq qurum, BMT XXI əsrin birinci onilliyində keçilən yola baxır. Mən hesab edirəm ki, 2011-ci ilin büdcəsi çox maraqlı faktdır. Mən vaxtınızı almaq istəmirəm, bu bizim dinamikamızı göstərir. 50 faiz neft istehsal edən Bakı şəhərində vəziyyət necə idi, bu gün dünyanın neft siyasətində müəyyən rol oynayan, ancaq imkanları böyüyən müstəqil Azərbaycanın vəziyyəti necədir və Bakımız necədir? Bütün bunlar hamısı, heç şübhəsiz ki, müstəqilliyin bəhrəsidir, bütün bunlar hamısı Azərbaycan dövlətinin müstəqilliyinin qurucusu ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, bu gün cənab Prezidentin modernləşdirdiyi siyasətin məntiqi nəticəsidir. Heç şübhəsiz ki, 2011-ci ilin büdcəsi də bütün bu tələblərə cavab verir. Millət vəkillərinin adından, yəni bizim komitələrin adından Milli Məclisin üzvlərindən xahiş edərdik ki, bu sənədə müsbət münasibət bildirsinlər. Sözün əsl mənasında, biz yeni bir mərhələnin başlanğıcındayıq. Problemlər, yenə də deyirəm, çoxdur, bunu hökumət görür, dövlət görür, Milli Məclis görür və qanunlarımızı təkmilləşdiririk ki, bu problemlər az olsun, biz sizinlə birlikdə XXI əsrin ikinci onilliyini daha yaxşı nəticələrlə başa vuraq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Növbəti söz verilir maliyyə naziri hörmətli Samir Şərifova.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, sual lazım olanda verəcəyik, vaxtında. Xahiş edirəm.
 
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hökumət üzvləri, millət vəkilləri, xanımlar və cənablar! 2011-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmişdir. Milli Məclisin bugünkü geniş iclasından əvvəl 2011-ci il dövlət büdcəsinin layihəsi Milli Məclisin bütün komitələrində hökumətin nümayəndələrinin iştirakı ilə fəal şəkildə müzakirə edilmiş və onun Milli Məclisin müzakirəsinə çıxarılması təklif olunmuşdur. Qanun layihəsi ilə birlikdə, həmçinin büdcə zərfinə daxil olan digər sənədlər, o cümlədən 2011-ci il və sonrakı üç il üçün icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri ölkənin makroiqtisadi proqnozu ilə bağlı ətraflı izahat və yardımçı məlumatlar da təqdim olunmuşdur.
Hörmətli millət vəkilləri, müzakirənizə təqdim olunmuş 2011-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə həyata keçirilmiş uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri nəzərə alınmaqla növbəti illərdə də davamlı iqtisadi artım üçün müvafiq kəmiyyət və keyfiyyət təminatı yaradır. Dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2010-cu ilin ötən 8 ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının nəticələri qiymətləndirilməklə tərtib olunmuşdur.
2011-ci il dövlət büdcəsi layihəsinin tərtibi zamanı cari ilin ötən 8 ayı ərzində ölkənin makroiqtisadi göstəricilərinin və dövlət büdcəsinin icra vəziyyəti təhlil olunmuşdur. 2010-cu ilin ötən 8 ayı ərzində ölkənin əsas makroiqtisadi göstəriciləri olan ümumi daxili məhsulun real artımı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz təşkil etmiş, onun adambaşına düşən məbləği isə 2,7 faiz artmışdır. Həmin dövr ərzində əhalinin pul gəlirləri 11 faiz artmaqla, 5,7 faiz səviyyəsində müşahidə olunan inflyasiyanı xeyli üstələmişdir.
Ölkənin maliyyə mövqeyinin göstəricisi olan valyuta ehtiyatlarının həcmi də cari ilin əvvəlinə nisbətən təxminən 6,1 milyard ABŞ dollara və ya 29,9 faiz artaraq 26,5 milyard ABŞ dollarına çatmışdır. Ölkədə manatın sabitliyinin təmin edilməsi əhalinin banklara olan inamını daha da artırmış, əhalinin banklardakı əmanətləri keçən ilin 7 ayı ilə müqayisədə təxminən 36 faiz artaraq 2,7 milyard manatı üstələmişdir. Ölkə iqtisadiyyatında bütün maliyyə mənbələri hesabına 5,2 milyard manat, o cümlədən daxili mənbələr hesabına 4,1 milyard manat investisiya qoyulmuşdur ki, bunun da təxminən 2 milyard manatı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilmişdir.
Bu ilin sonunda dövlət büdcəsinin gəlirlərinin 100 faiz, xərclərinin isə 99 faiz ətrafında icra olunacağı gözlənilir. Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı onun 2008–2009-cu illərdəki qlobal maliyyə-iqtisadi böhrana qarşı dayanıqlığı beynəlxalq maliyyə-kredit institutlarının və ekspertlərinin də nəzərindən qaçmamışdır. Beynəlxalq kredit reytinq agentliyi “Fitch Raytings” tərəfindən 2010-cu ildə ölkəmizə tarixdə ilk dəfə olaraq investisiya səviyyəli beynəlxalq kredit reytinqi verilmişdir. Hesab edirik ki, 2010-cu il dövlətimizin siyasi və iqtisadi qüdrətinin daha da artması, iqtisadi təhlükəsizliyinin möhkəmlənməsi, xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, həyata keçirilmiş işlərin və əldə edilmiş nailiyyətlərin həcmi baxımından ölkəmizin müasir tarixinə daha uğurlu bir il kimi daxil olacaqdır.
2011-ci il dövlət büdcəsinin göstəriciləri. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsinin layihəsi təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi sosial-iqtisadi kursun davam etdirilməsi vəzifəsinin icrası üçün müvafiq maliyyə təminatının yaradılması zəminində hazırlanmışdır.
2011-ci il üçün dövlət və icmal büdcə layihələri hazırlanarkən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və öncül vəzifələrə uyğun olaraq iqtisadi və sosial islahatlara dəstək olmaqla əhalinin sosial müdafiəsinin, ölkəmizin müdafiə potensialının iqtisadi, enerji, ərzaq, ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi inkişafına və digər dövlət əhəmiyyətli məsələlərə dair qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə diqqət yetirilmiş və müvafiq xərclərdə vəsait nəzərdə tutulmuşdur.
Növbəti ildə əsas hədəflər sırasına iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, regionların iqtisadi və xammal potensiallarından səmərəli istifadə edilməsi, dövlət büdcəsindən maliyyələşdirilən sosial xidmətlərin səmərəliliyinin artırılması, maliyyə yardımlarının ünvanlığının təmin edilməsi kimi vəzifələr də daxil edilmişdir. 2011-ci ildə vergi və qeyri-vergi gəlirlərinin yığım əmsalını artırmaq, vergi inzibatçılığını təkmilləşdirmək, vergi borclarının azaldılması üçün zəruri tədbirlər görmək qarşıda duran vəzifələrdəndir. Eyni zamanda, inovasiya yönümlü sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ayrı-ayrı istiqamətlər üzrə vergitutmanın optimallaşdırılması, yeni fəal təsərrüfat subyektlərinin yaradılmasına yardım göstərilməsi istiqamətində də işlər davam etdiriləcəkdir.
2011-ci ildə dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında əhəmiyyət kəsb edən məhsulların istehsalını genişləndirmək, kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq, iqtisadiyyata sərmayə yatırımında ölkənin daxili resurslarının payını artırmaq, bu sahədə dövlət –özəl əməkdaşlığı mexanizminin tətbiqinə dair addımların atılması qarşıda duran aktual məsələlər sırasındadır.
2011-ci il dövlət büdcəsi layihəsinin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2011-ci il üçün Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən daxili məhsulun 3,8 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 7,2 faizlik artım sürəti əsas götürülmüşdür. Ölkəmizin iqtisadiyyatının dünya iqtisadi təsərrüfat sisteminə inteqrasiyasının artması şəraitində beynəlxalq maliyyə və əmtəə bazarlarında cərəyan edən proseslər dünya iqtisadiyyatının ortamüddətli inkişafı meyilləri, şübhəsiz ki, növbəti ilin büdcəsinin hazırlanması zamanı nəzərdən keçirilmişdir.
Müsbət amillər ondan ibarətdir ki, dünya iqtisadiyyatı son iki ilin sarsıdıcı böhranından qurtularaq yenidən artıma qədəm qoymuşdur. Tənəzzülün başa çatmasına baxmayaraq, iqtisadi artım və ümumi daxili məhsulun əvvəlki səviyyələrdə bərpa edilməsi əvvəl gözlənildiyindən daha çox vaxt tələb edəcək. Yəni müsbət iqtisadi artım dünya miqyasında daha aşağı templərlə baş verəcəkdir. Bir çox inkişaf etmiş aparıcı dövlətlər tərəfindən son iki ildə həyata keçirilən monetar tədbirlərin kəskin surətdə məhdudlaşdırılması, büdcə xərclərinin və ələlxüsus büdcə kəsirlərinin ixtisar edilməsi, sərt fiksal tədbirlərə üstünlük verilməsi qlobal miqyasda istehlaka nəticə etibarilə mənfi təsirlər göstərmək ehtimallarını artırır.
İqtisadi artıma əlavə təkan vermək məqsədi ilə bir sıra dönərli valyutaların məzənnələrinin düşünülmüş şəkildə ucuzlaşdırılması, əsas xammalların və əmtəələrin qiymətinin spekulyativ şəkildə kəskin, lakin, zənnimizlə, uzun çəkməyəcək bahalaşmasına gətirib çıxara bilər. Sadalanan xarici təsir amillərini nəzərə alaraq 2011-ci il üçün dövlət büdcəsi tarazlı şəkildə tərtib olunmuşdur.
İl üzrə büdcə xərclərinin mülayim artımı nəzərdə tutulur. Bununla belə, 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan xalqının maddi güzəranının yaxşılaşdırılması istiqamətində imzaladığı növbəti sərəncamlardan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün 2011-ci il dövlət büdcəsində müvafiq maliyyə təminatı yaradılıb.
2011-ci il üçün dövlət büdcəsi layihəsi bir tərəfdən dövlət qarşısında duran əsas sosial öhdəliklərin yerinə yetirilməsi, prioritet inkişaf hədəflərinə nail olunması, digər tərəfdən isə makroiqtisadi sabitliyə xələl gətirməmək, inflyasiya meyillərinə rəvac verməmək məqsədlərini özündə birləşdirir. Məhz yuxarıda sadalanan amilləri nəzərə almaqla 2011-ci il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılmış, dövlət büdcəsi gəlirlərinin hesablanmasında bir barrel xam neftin ixrac satış qiyməti 60 ABŞ dolları səviyyəsində götürülmüşdür.
Onu da qeyd etmək lazımdır ki, 2010-cu il dövlət büdcəsinin layihəsi və onun dəqiqləşdirilməsi, həmçinin 2009-cu il dövlət büdcəsinin icrasının Milli Məclisdə müzakirəsi zamanı hörmətli millət vəkillərinin irəli sürdükləri təklif və tövsiyələr Hesablama Palatası tərəfindən öyrənilərək bir çoxu 2011-ci il dövlət büdcəsi layihəsində nəzərə alınmışdır.
2011-ci il dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri. 2011-ci il dövlət büdcəsinin gəlirləri 12 milyard 61 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2010-cu ilin proqnozuna nisbətən 4,8 faiz və ya 556 milyon manat çoxdur.
Vergilər Nazirliyinin xətti ilə 2011-ci ildə 4 milyard 420 milyon və ya 2010-cu ilin eyni göstəricilərinə nisbətən 1,1 faiz az daxilolmalar proqnozlaşdırılır. Vergi daxilolmalarının 62 faizi və ya 2 milyard 740 milyon manatı qeyri-neft sektorunun payına düşür ki, bu da cari illə müqayisədə 240 milyon manat və ya 9,6 faiz çoxdur. Neft sektorundan vergi daxilolmaları 38 faiz və yaxud 1 milyard 680 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 290 milyon və yaxud 14,7 faiz azdır.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 120 milyon manat məbləğində daxilolmalar nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1,8 faiz və ya 20 milyon manat çox deməkdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 6 milyard 480 milyon manat təşkil edəcəkdir. Dövlət büdcəsinin sair daxilolmaları 41 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2010-cu illə müqayisədə 21 milyon manat və ya 2 dəfə çoxdur.
2011-ci il dövlət büdcəsinin xərclərinin strukturu və əsas istiqamətləri. 2011-ci il dövlət büdcə layihəsinin tərtibi prosesində büdcədən maliyyələşdirilən və maliyyə yardımı alan təşkilatların qarşısında qoyulmuş vəzifələrin icrası üçün sabit maliyyə təminatı nəzərdə tutulmuş, müdafiə olunan və onlara bərabər tutulan xərc maddələri üzrə isə mövcud normativlər çərçivəsində büdcə təşkilatları sifarişləri tam nəzərə alınmışdır.
2011-ci il dövlət büdcəsinin xərcləri 12 milyard 748 milyon manat təşkil edəcəkdir ki, bu da 2010-cu ilə nisbətən 3,9 faiz və yaxud 473 milyon manat çoxdur. Dövlət büdcəsinin xərclərinin 55,3 faizi və ya 7 milyard 43 milyon manatı cari xərclərə ayrılmışdır ki, bu da 2010-cu ilə nisbətən 56,1 milyon manat və ya 0,8 faiz çoxdur. 42 faizi və ya 5 milyard 358 milyon manatı əsaslı xərclərə yönəldiləcəkdir ki, bu da 2010-cu ilə nisbətən 357 milyon manat və ya 7,1 faiz çoxdur. 2,7 faizi isə və yaxud 347 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə istifadə olunacaqdır ki, bu da 2010-cu ilə nisbətən 59,6 milyon manat və ya 20,8 faiz çoxdur.
Müvafiq olaraq 2010-cu illə müqayisədə 2011-ci il dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,6 faiz azalmış, əsaslı xərclərin xüsusi çəkisi 1,3 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,4 faiz artmışdır.
2011-ci il dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün xərclərin 42,3 faiz həcmində və yaxud 5 milyard 390 milyon manat vəsait ayrılacaqdır. Funksional istiqamətlər üzrə bu ilə nisbətən 2011-ci il dövlət büdcəsinin cari xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 0,7 faiz artaraq 10,4 faizə, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq xərcləri 0,4 faiz artaraq 3,5 faizə, səhiyyə xərcləri 0,2 faiz artaraq 4,3 faizə, mənzil-kommunal təsərrüfatı xərcləri 0,2 faiz artaraq 1,8 faizə, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 0,1 faiz artaraq 1,6 faizə, elm xərcləri 0,9 faizə, əsas bölmələrə aid edilməyən xərclər 15 faizə çatmışdır. Təhsil xərclərinin xüsusi çəkisi isə 10,5 faiz səviyyəsində saxlanılmışdır.
Dövlət əsaslı vəsaiti qoyuluşu xərclərinin xüsusi çəkisi isə 7,4 faiz azalaraq 26,5 faiz təşkil edəcəkdir. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin azalmasına baxmayaraq, yuxarıda qeyd olunan sahələrə bu mənbədən əlavə olaraq müvafiq mənbələrdən vəsait ayrılacaqdır. İqtisadi təsnifata uyğun olaraq 2011-ci il dövlət büdcəsində əsas fondlara, əsaslı vəsait qoyuluşu xərclərinə 42 faiz, əməyin ödənişi xərclərinə 20,5 faiz, təqaüdlər və sosial müavinət xərclərinə 9,9 faiz, dərman, sarğı ləvazimatlarının və ərzaq məhsullarının alınması xərclərinə 2,8 faiz, nəqliyyat, kommunal və kommunikasiya xidmətləri haqqının ödənilməsi xərclərinə 2,8 faiz, abadlaşdırma, bioloji kəşfiyyat və topoqrafiya, geodeziya, axtarış xidmətləri haqqının ödənilməsi xərclərinə 1,3 faiz, sair xərclərə (buraya ehtiyat fondları, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri daxildir) 9,9 faiz, digər xərclərə isə 10,8 faiz nəzərdə tutulmuşdur. Bu xərclər sırasına öhdəliklər üzrə maliyyə əməliyyatları, bank xərcləri, üzvlük haqları, faizlər üzrə ödənişlər və sair daxildir.
Sosialyönümlü xərclərin əsas istiqamətləri. Hörmətli millət vəkilləri! 2011-ci ildə də əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kursun prioritet istiqamətini təşkil edəcəkdir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33,3 faiz və yaxud mütləq ifadədə 4 milyard 234 milyon manat olmaqla cari ilə nisbətən 8,8 faiz artımla və yaxud 342 milyon manat çox proqnozlaşdırılmışdır.
Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu zəmində ölkə Prezidentinin 2010-cu ilin sentyabr ayında imzaladığı silsilə sərəncamlarla vəzifə maaşları vahid tarif cədvəli ilə tənzimlənən elm, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə işləyənlərin, hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçuları olmayan mülki işçilərin aylıq vəzifə maaşlarının, habelə yaşa görə əmək pensiyasının baza hissəsinin, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün, məcburi köçkünlərin yemək xərcləri üçün verilən aylıq müavinətin, doktorantlar, ali, orta-ixtisas və peşə təhsili tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin və ölkə üzrə digər sosial ödənişlərin artımı təmin edilmişdir. Bu artımların tətbiqi ilə bağlı cari ilin dövlət büdcəsində ayrılan vəsaitlərlə yanaşı, 2011-ci il dövlət büdcəsində əlavə olaraq 500 milyon manatadək vəsait nəzərdə tutulmuşdur ki, bu da təxminən 3 milyon nəfər əhalinin güzəranının daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.
2011-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 519 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2010-cu illə müqayisədə 7,5 faiz və yaxud 247 milyon manat çoxdur. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 27,7 faizə çatmaqla 2010-cu illə müqayisədə 1,1 faiz artmışdır.
2011-ci il dövlət büdcəsində ilk dəfə olaraq ali təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə əlaqədar təhsil xərcləri də müvafiq məbləğdə vəsait nəzərdə tutulmaqla adambaşına xərclərin proqnozlaşdırılması sisteminin tətbiqinə başlanılmışdır.
2011-ci il dövlət büdcəsində sosial sahələr üzrə məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üçün 320 milyon manat vəsait nəzərdə tutulmuşdur. 2011-ci ildə bir sıra proqram və tədbirlərin, o cümlədən elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə maliyyələşdirilməsi üçün 5 milyon manat, respublikanın təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün 16,4 milyon manat, məktəbəqədər təhsilin maliyyələşdirilməsi ilə bağlı xərcləri üçün 9,2 milyon manat, şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8,1 milyon manat, xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramının maliyyələşdirilməsi üçün 21,7 milyon manat, hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə dövlət proqramları üçün 16 milyon manat, şəkərli diabet üzrə dövlət proqramı üçün 11,7 milyon manat, onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə tədbirlər proqramının maliyyələşdirilməsi üçün 14,4 milyon manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər proqramının maliyyələşdirilməsi üçün 4,4 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Digər proqramlar barədə məlumatın verilməsi xeyli vaxt tələb etdiyinə görə biz onları təqdim edilən sənədlərə daxil etmişik. Ona görə bu barədə məlumatı mən, icazənizlə, sadalamaq istəmirəm.
Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri. Dövlətimizin milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olan Azərbaycan Respublikasının hərbi doktrinası da nəzərə alınmaqla ölkənin müdafiə xərcləri üçün dövlət büdcəsinin cari xərclərində 1 milyard 325 milyon manat vəsait nəzərdə tutulmuşdur. Müharibə şəraitində olan və işğala məruz qalan ölkəmizin müdafiə potensialının daha da gücləndirilməsi, ordu quruculuğunun müasir tələblər səviyyəsinə çatdırılması və lazımi silah, sursat və avadanlıqlarla təmin edilməsi istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin maliyyə təminatı olaraq 2011-ci ilin dövlət büdcəsində xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün əlavə 1 milyard 87 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Eyni zamanda, 2011-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə məqsədləri üçün müvafiq investisiya layihələri üzrə vəsait nəzərdə tutulur. Bu vəsaitlər də nəzərə alınmaqla 2011-ci ilin dövlət büdcəsində müdafiə xərcləri üst-üstə 2 milyard 511 milyon manat vəsait təşkil edəcəkdir ki, bu da 2010-cu illə müqayisədə 1 milyard 187 milyon manat və yaxud 89,7 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin tərkibində müdafiə xərclərinin xüsusi çəkisi isə 10,7 faizdən 19,6 faizə çatmaqla, demək olar ki, 2 dəfə artırılıb.
Məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri dövlət büdcəsi xərclərinin 5,6 faizi həcmində olmaqla 2010-cu illə müqayisədə 0,1 faiz azalacaqdır. Məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlər korpusunun genişləndirilməsi, məhkəmə-ərazi yurisdiksiyasının müəyyən edilməsi və yeni məhkəmələrin fəaliyyətinin təmin olunması üçün Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərmanlardan irəli gələn vəzifələrin icrası olaraq dövlət büdcəsində 43 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2010-cu illə müqayisədə 3,8 faiz və ya 1,6 milyon manat çoxdur.
Əsaslı xərclər. 2011-ci il dövlət büdcəsinin əsaslı xərcləri 5 milyard 358 milyon manat təşkil edəcəkdir ki, bu da 2010-cu ilə nisbətən 357 milyon manat və yaxud 7,1 faiz çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2010-cu illə müqayisədə 1,3 faiz artaraq 42 faiz olacaqdır. Əsaslı xərclərdən birbaşa dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 3 milyard 380 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da 2010-cu ilə nisbətən 778 milyon manat və yaxud 18,7 faiz azdır.
Ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin təmin edilməsi və iqtisadi sabitliyin qorunması prinsiplərinə əsaslanaraq dövlət əsaslı vəsait qoyuluşları xərcləri ilk növbədə 2011-ci ildə tamamlanması nəzərdə tutulan layihələrin maliyyə təminatına yönəldiləcəkdir. Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulmuş vəsait nəzərə alınmadan əsaslı xərclərin 891 milyon manatı dövlət büdcəsinin müvafiq xərc bölmələrində öz əksini tapmaqla, sosial, mədəni və məişət, inzibati, istehsalat təyinatlı bina və qurğuların, yolların yenidən qurulması və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin alınmasına yönəldiləcəkdir.
Dövlət büdcəsi ilə yanaşı, 2011-ci ildə Dövlət Neft Fondunun büdcəsindən bir sıra əsaslı xərclərin və dövlət tədbirlərinin maliyyələşdirilməsinə üst-üstə 3490 milyon manat vəsait yönəldiləcəkdir.
2011-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, sənaye və tikinti, nəqliyyat və rabitə, mənzil-kommunal xərclərinə dövlət büdcəsindən 756,4 milyon manat vəsait ayrılacaqdır ki, bu da cari illə müqayisədə 11,7 faiz və yaxud 79,1 milyon manat çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,5 faiz artaraq 5,9 faiz təşkil edəcəkdir.
Məqsədli olaraq “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı həyata keçirmək üçün 111,6 milyon manat vəsait nəzərdə tutulmuşdur. Kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən meliorasiya, irriqasiya və suvarma sistemlərinə sabit maliyyə təminatı üçün dövlət büdcəsinin cari xərclərinə 220 milyon manat, meşə təsərrüfatı, balıqçılıq, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və digər ekoloji tədbirlərin həyata keçirilməsi xərcləri üçün 22 milyon manat, torpaq islahatı, geodeziya-topoqrafiya, torpaq kadastrı və xəritəçəkmə tədbirlərinin həyata keçirilməsi üçün 14 milyon manat vəsait ayrılacaqdır.
Ölkədə yolların yenidən qurulması, əsaslı təmiri, abadlıq işlərinin daha da genişləndirilməsi məqsədi ilə 374 milyon manat, o cümlədən abadlıq işləri üçün 138 milyon manat, yolların yenidən qurulması və əsaslı təmiri, istismarı və saxlanılması, o cümlədən avtomobil yolları məqsədli büdcə fondunun saxlanılması xərcləri üçün 236 milyon manat vəsait nəzərdə tutulmuşdur. Abadlaşdırma və yollara ayrılan vəsaitin 167 milyon manatı rayon və şəhərlərin küçə və yollarına xidmət və əsaslı təmiri xərclərinə yönəldiləcəkdir ki, bu da 2010-cu illə müqayisədə 13,2 faiz və yaxud 19,5 milyon manat çox deməkdir.
Dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar tərəfindən göstərilən bir sıra iş və xidmətlər üzrə mövcud tariflərin həmin iş və xidmətlərin real mayadəyərindən aşağı olması və digər obyektiv səbəblərə görə istehsalat prosesi ilə yaranan zərərin ödənilməsi, həmçinin dövlət tərəfindən bir sıra müəssisə və təşkilatlara edilən maliyyə dəstəyi, yəni subsidiyalar üçün 2011-ci il dövlət büdcəsinə 272 milyon manat vəsait yönəldiləcəkdir.
Ölkənin sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və onların məişət problemlərinin həlli məsələlərinin bir strategiya kimi irəli sürülməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa qayğısının təzahürü kimi ölkənin Kür, Araz çayları boyu 122 yaşayış məntəqəsində dövlət vəsaiti hesabına sutəmizləyici qurğular quraşdırılaraq istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin ayrı-ayrı sərəncamları ilə 2007–2009-cu illərdə bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 15,5 milyon manat vəsait ayrılmışdır. Həmin qurğulardan normal qaydada istifadə edilməsi və bir sıra yaşayış məntəqələrində əlavə olaraq ekoloji cəhətdən təmiz, içməli suya olan tələbatın ödənilməsi üçün qurğuların saxlanılması məqsədi ilə 2011-ci ilin dövlət büdcəsində müvafiq maliyyə təminatı və yaxud 1,3 milyon manat vəsait nəzərdə tutulur.
Eyni zamanda, ilk dəfə olaraq Azərbaycan telekommunikasiya effektinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yeni yaradılmış “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsində müvafiq maliyyə vəsaitləri nəzərdə tutulur.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan sahibkarlığa dövlət himayəsinin davam etdirilməsi məqsədi ilə 2011-ci ilin dövlət büdcəsində 34 milyon manat, eyni zamanda, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiya hesabına Muxtar Respublikada sahibkarlığa maliyyə dəstəyi üçün 6 milyon manat vəsait nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əvvəllər verilmiş kreditlərin qaytarılması hesabına əlavə olaraq 2011-ci ildə 61 milyon manat daxilolmalar gözlənilir. 2011-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə veriləcək kreditlər üzrə xərclər üçün, – söhbət mikrokreditlərdən gedir, – 10 milyon manat ayrılacaqdır.
Növbəti ildə aqrolizinqin inkişafı üçün dövlət büdcəsində 35 milyon manat, eyni zamanda, dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya hesabına Muxtar Respublikada aqrolizinqin inkişafı üçün 2,5 milyon manat vəsait ayrılacaqdır.
Sosial ipoteka üçün növbəti ildə 4 milyon manat vəsaitin İpoteka Fonduna ayrılması təmin ediləcəkdir. Büdcə təşkilatlarının göstərdikləri xidmətlərə görə əldə etdikləri gəlirlər hesabına formalaşan büdcədənkənar xərclər 152 milyon manat səviyyəsində proqnozlaşdırılıb.
Növbəti ildə bələdiyyələrə dövlət dəstəyi olaraq dotasiya formasında 2010-cu ilin səviyyəsində və yaxud 3,5 milyon manat vəsait nəzərdə tutulub. İlk dəfə olaraq “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı dövlət büdcəsindən maliyyələşən təşkilatların xərclərinin təmin edilməsi üçün 10 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Dövlət borcunun idarə edilməsi və digər dövlət tədbirləri ilə bağlı xərclər. Hörmətli millət vəkilləri, 2010-cu il 1 iyul tarixinə beynəlxalq və digər maliyyə-kredit təşkilatları ilə ölkəmizin 8,2 milyard ABŞ dolları məbləğində kredit sazişləri mövcud idi. İmzalanmış kredit sazişləri üzrə 3,4 milyard ABŞ dolları həcmində məbləğ artıq istifadə olunmuşdur. İmzalanmış sazişlərlə bağlı istifadə edilmiş kreditlər üzrə hesablanmış xarici dövlət borcumuz 2010-cu il üçün gözlənilən ümumi daxili məhsulun 7,1 faizini təşkil edir. 2011-ci ildə dövlət büdcəsində dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər üçün 347 milyon manat və ya dövlət büdcəsi xərclərinin 2,7 faizi səviyyəsində vəsait ayrılacaqdır. Müqayisə üçün deyim ki, 2010-cu ildə bu məqsədlə 59,6 milyon manat və yaxud 20,8 faiz az vəsait ayrılmışdır.
Diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması xərcləri üçün 51 milyon manat, beynəlxalq fəaliyyət, beynəlxalq təşkilatlara üzvlük haqqı, beynəlxalq proqramların həyata keçirilməsində Azərbaycan dövlətinin payının maliyyələşdirilməsi üçün 43 milyon manat, beynəlxalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər üçün dövlət büdcəsində 18 milyon manat vəsait nəzərdə tutulur.
Dövlət büdcəsinin yerli xərcləri. 2011-ci ilin dövlət büdcəsinin tərkib hissəsi olan yerli xərclər 1,308 milyon manat olacaqdır ki, bu da 2010-cu illə müqayisədə 113 milyon manat və yaxud 9,5 faiz çoxdur. Bütövlükdə dövlət büdcəsi xərclərinin 10,3 faizini yerli xərclər təşkil etməklə cari illə müqayisədə 0,6 faiz artmışdır. Yerli xərclər üzrə proqnoz layihəsinin tərtibi zamanı regionların sosial inkişafı dövlət proqramlarından irəli gələn vəzifələrin – əmək haqlarının artımı, son illərdə şəhər və rayonlarda aparılmış abadlıq və quruculuq işləri nəticəsində yeni infrastrukturların yaradılması, sosial təyinatlı obyektlərin tikintisi və yenidən qurulması nəticəsində bir sıra cari və əsaslı xərclərin təbii artımı dövlət büdcəsində nəzərə alınmışdır. 2011-ci il şəhər və rayonların yerli xərclərinin 858 milyon manatı və yaxud 65,6 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən verilən vəsait, yəni dotasiya hesabına maliyyələşdiriləcəkdir ki, bu da 2010-cu ilə nisbətən 98 milyon manat və yaxud 12,9 faiz çoxdur.
Dövlət büdcəsinin kəsiri və onun maliyyələşdirilməsi. 2011-ci ilin dövlət büdcəsinin kəsiri 687 milyon manat və ya ümumi daxili məhsulun 1,7 faizi həcmində nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 0,3 faiz azdır. Kəsirin maliyyələşdirilməsi ənənəvi olaraq xarici və daxili borclanma, habelə özəlləşmədən və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına nəzərdə tutulur.
İcmal büdcənin göstəriciləri. Azərbaycan Respublikasının 2011-ci ilin icmal büdcəsinin gəlirləri 15 milyard 558 milyon manat olmaqla, 2010-cu ilə nisbətən 0,7 faiz və yaxud 110,2 milyon manat, xərcləri isə 15 milyard 129 milyon manat olmaqla cari ilə nisbətən 5,9 faiz və yaxud 48,8 milyon manat çox nəzərdə tutulmuşdur. İcmal büdcəsinə daxil olan Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri bərabər olaraq 293,2 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2010-cu illə müqayisədə 7,9 faiz və ya 21,5 milyon manat çoxdur. Xərclərin 14,5 faizi və ya 42,6 milyon manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri hesabına, 85,5 faizi və ya 250,6 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaqdır. Bu da 2010-cu ilə nisbətən 19,1 milyon və yaxud 8,3 faiz məbləğində dotasiyanın çox olması deməkdir.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləri 2010-cu ilə nisbətən 213,3 milyon manat və ya 12,1 faiz artımla proqnozlaşdırılaraq 1 milyard 971 milyon manat təşkil edəcəkdir. Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 691 milyon manatı dövlət büdcəsindən verilən transfert hesabına örtüləcəkdir ki, bu da 2010-cu illə müqayisədə 29,5 faiz və ya 157,2 milyon manat çox deməkdir. Dövlət büdcəsindən ayrılan transfertin fondun xərclərinin tərkibində xüsusi çəkisi cari illə müqayisədə 4,7 faiz artaraq 35,1 faiz təşkil edəcəkdir.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 6 milyard 829 milyon manat olmaqla 2010-cu ilə nisbətən 437 milyon manat və ya 6,8 faiz çoxdur. Dövlət büdcəsinə ayrılan 6 milyard 480 milyon manat transfertlə yanaşı, 2011-ci ildə Dövlət Neft Fondunun vəsaitindən digər dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə, – əsasən, investisiya layihələrindən söhbət gedir, – 349 milyon manat vəsait yönəldiləcəkdir.
2011-ci ilin icmal büdcəsinin profisiti 428,2 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə 8 milyard 705 milyon manat və nəzərdə tutulan daxili məhsulun 21,7 faizi həcmində kəsirlə proqnozlaşdırılır.
Hörmətli cənab Sədr, hörmətli Milli Məclisin III çağırış millət vəkilləri! 2006-cı ilin may ayında sizlərin əksəriyyətiniz tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkənin sürətli iqtisadi artım və dinamik inkişafına təkan verdiyi sosial-iqtisadi kursuna, qəbul etdiyiniz 2006-cı il dövlət büdcəsinə düzəliş etməklə dəstək verilmişdi. Həmin dövrdən ötən illər ərzində Azərbaycan Respublikası Prezidentinin ölkənin iqtisadi inkişafı istiqamətində apardığı uğurlu siyasət nəticəsində xalqın rifah halı xeyli yaxşılaşmış, yoxsulluq səviyyəsi kəskin surətdə aşağı düşmüş, ölkə iqtisadiyyatı dəfələrlə artmışdır. Bu dövrdə dövlət büdcəsinin xərcləri isə 3,4 dəfə artaraq 3,8 milyard manatdan 12,7 milyard manata çatmışdır.
Bu gün müzakirənizə çıxarılmış 2011-ci il üçün dövlət büdcəsinin layihəsi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsinin, ölkəmizdə makroiqtisadi sabitliyin qorunmasının, əsas dövlət və sosial vəzifələrin uğurla həyata keçirilməsinin prioritet inkişaf hədəflərinə doğru məqsədyönlü irəliləyişini maliyyə baxımından təmin edəcəkdir. Bunları nəzərə alaraq, hörmətli millət vəkilləri, sizi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2011-ci il üçün dövlət və icmal büdcə layihələrinin və sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini bəyənərək qəbul etməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Əsas məruzəçi olduğu üçün Samir müəllim 40 dəqiqə çıxış etdi. Növbəti çıxış edənlərdən, xahiş edirəm, bir az yığcam danışsınlar. Buyursun iqtisadi inkişaf naziri hörmətli Şahin Mustafayev.
Ş. Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Hörmətli cənab Sədr, cənab Baş nazir, hökumət üzvləri, millət vəkilləri! Bu gün müzakirənizə 2011-ci il üçün və növbəti 3 il üzrə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının proqnoz göstəriciləri və iqtisadi-sosial inkişaf konsepsiyası təqdim olunmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən siyasətə uyğun olaraq azad rəqabətli, sosialyönümlü bazar iqtisadiyyatının inkişafına, iqtisadiyyatın diverfikasiyasına, qeyri-neft sektorunun və regionların dinamik inkişafına, tam məşğulluğa, gəlirlərin ədalətli bölünməsinə, ətraf mühitin qorunmasına və nəticədə dayanıqlı iqtisadi inkişafa və əhalinin layiqli həyat səviyyəsinə nail olunması konsepsiyanın əsas məqsədləri kimi qəbul edilmişdir.
Bu məqsədlərə nail olmaq üçün makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkə iqtisadiyyatının optimal strukturunun formalaşdırılması, onun neft sektorundan asılılığının azaldılması və diversifikasiyası, sahibkarlığın inkişafı, iqtisadi, o cümlədən enerji, ərzaq və ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi, infrastrukturun müasir standartlara uyğunlaşdırılması, ölkənin tranzit potensialının reallaşdırılması, dünya iqtisadiyyatına inteqrasiya və beynəlxalq əmək bölgüsündə iştirakın optimallaşdırılması, insan kapitalının inkişafı prioritet vəzifələr kimi müəyyən edilmişdir.
Konsepsiyada dünya iqtisadiyyatının inkişaf meyillərinin, eləcə də ölkəmizin 2009-cu ildə və 2010-cu ilin birinci yarısında sosial-iqtisadi inkişafının təhlili, 2011–2014-cü illər üzrə sosial-iqtisadi inkişafın prioritetləri, habelə əldə ediləcək əsas nəticələr əks olunmuşdur. Proqnozlar ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər və sosial-iqtisadi inkişaf istiqamətləri, habelə maliyyə və digər beynəlxalq təşkilatların dünyaya və Azərbaycan iqtisadiyyatına dair proqnozları təhlil edilməklə hazırlanmışdır.
Qeyd etməliyəm ki, ölkəmizin sosial-iqtisadi, dinamik inkişafı növbəti illərdə də davam edəcək və bunun üçün bütün sahələrdə potensial imkanlar mövcuddur. Proqnozlara əsasən 2011-ci ildə iqtisadi artım 2,8 faiz təşkil edəcək və ümumi daxili məhsulun nominal dəyəri 40,2 milyard manat, 50 milyard dollar olacaqdır. 2014-cü ilədək iqtisadiyyatın orta illik artımı 7 faiz proqnozlaşdırılır. Adambaşına düşən ümumi daxili məhsul 2011-ci ildə 5540 dollardan 2014-cü ildə 7100 dollara çatdırılacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcəkdir.
Növbəti il üçün inflyasiya tempi 5 faiz, manatın məzənnəsi 80,4 qəpik, beynəlxalq təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilərək neftin qiyməti 60 dollar qəbul edilmişdir. Neft hasilatı növbəti 4 ildə 223 milyon tona, o cümlədən 2011-ci ildəki 51,6 milyon tondan 2014-cü ildə 62,4 milyon tona çatacaqdır. Qaz hasilatı 2011-ci ildə 29 milyarddan 2014-cü ildə 32 milyard kubmetrə çatdırılacaq, 4 ildə 120 milyard kubmetr qaz hasil ediləcəkdir. 2009-cu ildə neft sektorunun ümumi daxili məhsuldakı payı 47 faiz təşkil edirdisə, uğurla həyata keçirilən iqtisadiyyatın diversifikasiyası siyasətinin nəticəsi kimi 2014-cü ilə qədər 38 faizə qədər azalacağı və qeyri-neft sektoru payının müvafiq olaraq 45 faizdən 53 faizə qədər artacağı proqnozlaşdırılır. Belə ki, qeyri-neft sektorunun 2011-ci ildə 7,2 faiz, növbəti 3 ildə isə orta hesabla 8 faiz artacağı gözlənilir.
Nəzərdə tutulan bu artımın təmin edilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq özəl sektorun inkişafı məqsədi ilə qanunvericilik bazasının və bu sahədə dövlət tənzimləməsi sisteminin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi tətbiqinin genişləndirilməsi, maliyyə infrastrukturu, məsləhət və informasiya təminatının yaxşılaşdırılması, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalının dəstəklənməsi istiqamətində tədbirlər davam etdiriləcək və nəticədə ümumi daxili məhsul istehsalında özəl sektorun payı ilbəil artacaqdır.
Qeyri-neft sektorunun inkişafı istiqamətində “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, o cümlədən istehsal və xidmət müəssisələrinin tikilməsi böyük əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edim ki, hazırda regionlarda 211, o cümlədən 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir. Sənayenin inkişafına dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi müəssisələrin fəaliyyətinin genişləndirilməsinə, qarşıdakı illərdə sənaye kompleksinin modernləşdirilməsi prosesinin daha da sürətləndirilməsinə və yeni istehsal sahələrinin yaranmasına gətirib çıxaracaqdır.
2011-ci ildə qeyri-neft sənayesi üzrə artım 7,3 faiz, aparılan yenidənqurma işlərinin müsbət təsiri nəzərə alınaraq, kimya sənayesində isə 10,3 faiz proqnozlaşdırılır. Metallurgiya sənayesində 2011-ci ildə 22 faiz, növbəti 3 ildə orta illik artım 14,2 faiz proqnozlaşdırılır. Artım, əsasən, “Baku–Stil Kompani”nin öz istehsal həcmini genişləndirməsi, Gəncə şəhərində yeni alüminium zavodunun növbəti ildən fəaliyyətə başlaması ilə əlaqədardır. Eləcə də Gədəbəydə qızıl zavodunun istehsal həcmi genişləndirilir. Qızıl istehsalının 2014-cü ildə ötən illə müqayisədə 6 dəfə artacağı proqnozlaşdırılır. Proqnozlaşdırılan dövrdə maşınqayırmada 2,1 dəfə, nəqliyyat avadanlıqlarının istehsalı sahəsində 1,6 dəfə, elektron avadanlıqları istehsalı sahəsində 12,9 faiz artım gözlənilir.
Sumqayıt texnoparkında fəaliyyət göstərən, eləcə də tikintisi davam etdirilən zavodlarda, habelə təməli qoyulmuş gəmiqayırma zavodunda istehsal olunacaq rəqabət qabiliyyətli məhsullar qeyri-neft sənayesinin daha da genişlənməsinə imkan yaradacaqdır. Tikinti materiallarının istehsalı sənayesində 2011-ci ildə 8,6 faiz artım proqnozlaşdırılır. Bu isə, əsasən, Qaradağda yerləşən sement zavodunda aparılan yenidənqurma işləri və özəl sektor tərəfindən inşa edilən yeni sement zavodlarının fəaliyyətə başlamasının planlaşdırılması ilə bağlıdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin daimi nəzarəti altında həyata keçirilən ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı çərçivəsində Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodu 2012-ci ilin sonunda tam istehsal gücü ilə fəaliyyətə başlayacaq. Tullantıların yandırılması nəticəsində ildə 230 milyon kilovat elektrik enerjisi əldə ediləcəkdir.
Hörmətli millət vəkilləri, 2011-ci ildə kənd, meşə, balıqçılıq təsərrüfatı üzrə 5,5 faiz, növbəti 3 ildə orta hesabla 3,4 faiz artım proqnozlaşdırılır. Aqrar sahənin inkişafı məqsədi ilə həyata keçirilən dövlət dəstəyi tədbirlərinin təsiri və “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ilə müəyyən edilmiş ədədlər proqnozda nəzərə alınmışdır. Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş layihələrin icrası nəticəsində 2012-ci ildən quş ətinə və damazlıq yumurtaya tələbat bütövlükdə daxili istehsalın hesabına ödəniləcəkdir.
Respublikada taxıl ehtiyatının yaradılması üçün zəruri infrastruktur artıq formalaşdırılmışdır. Belə ki, fond tərəfindən ümumi tutumu 266 min ton olan 16 taxıl anbarının tikintisi maliyyələşdirilmiş, Dövlət Taxıl Fondunun ümumi həcmi 160 min ton olan iki anbar isə bu ilin sonunadək fəaliyyətə başlayacaqdır. Güzəştli kreditlər hesabına ümumi tutumu 70 min ton olan 23 soyuducu anbar kompleksinin on ikisi tam istifadəyə verilmiş, on biri isə tikilməkdədir.
Qida məhsullarının istehsalında 2011-ci ildə 4,8 faiz artım proqnozlaşdırılır. Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə yaradılmış illik istehsal gücü 90 min ton olan Masazır duz zavodunun məhsulları hesabına ölkənin yodlaşdırılmış duza olan tələbatı tam ödəniləcək və məhsulun təqribən yarısı ixrac olunacaqdır. Bu layihə xarici və yerli özəl sektorlarda Azərbaycan İnvestisiya Şirkətinin birgə fəaliyyətinin daha bir uğurlu nümunəsidir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə dövlət dəstəyi tədbirləri davam etdiriləcək, intensiv metodların və müasir texnologiyaların tətbiqinə üstünlük veriləcəkdir.
Xidmətlər sektorunda artım 2011-ci ildə 7,5 faiz, növbəti 3 ildə 8,7 faiz təşkil edəcəkdir. Bu sektorun ümumi daxili məhsuldakı payının 2009-cu ildə 35,7 faizdən 2014-cü ildə 43,7 faizə qədər artacağı proqnozlaşdırılır ki, bu da iqtisadiyyatın sahibkarlıq strukturunun daha da təkmilləşəcəyini göstərir.
Gələn il informasiya və rabitə sahəsində 18,5 faiz, növbəti 3 ildə 17,4 faiz orta illik artım gözlənilir. Azərbaycana aid peykin orbitə çıxarılması ölkəmizin bu sahədə növbəti uğuru olacaqdır. Qərbi və Şərqi birləşdirən Azərbaycan regionda beynəlxalq enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində vacib rol oynayır. Bu istiqamətlərdə görülən işlər Azərbaycanın sürətli və davamlı inkişafına xidmət etməklə yanaşı, ölkənin və regionun təhlükəsizliyinə əvəzsiz töhfələr verməkdədir.
Gələcək illərdə magistral yolları, o cümlədən Qərb, Şərq istiqamətində Avropa–Qafqaz–Asiya–Traseka və Şimal–Cənub dəhlizlərinin Azərbaycan ərazisinə aid magistral yolların yenidən qurulması istiqamətində işlər tam başa çatdırılacaqdır. “Dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ölkənin dəmir yollarının bərpası və yenidən qurulması, hərəkət vasitələrinin təzələnməsi və modernləşməsi nəzərdə tutulur. Bakı–Tbilisi–Qars yeni dəmir yolunun istismara verilməsini və daşımaların artacağını nəzərə alaraq, eləcə də Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının sərəncamı ilə Ələt ərazisində yeni dəniz limanının tikintisi haqqında qərar qəbul edilmişdir. Dünya standartlarına cavab verəcək yeni limanda 11 yanalma körpüsünün inşası nəzərdə tutulur və həmin liman 12 milyon ton yük qəbul etmək imkanına malik olacaqdır.
Avropa ölkələrinin enerji ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən beynəlxalq layihələrdə Azərbaycanın iştirakı ölkəmizin regiondakı mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan dövlət başçılarının imzaladıqları AGRİ layihəsinə dair Bakı Bəyannaməsinə uyğun olaraq maye qazın Rumıniyaya və Macarıstana nəql edilməsi nəzərdə tutulur, bu layihə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirərək, ölkəmizin “Şərq tərəfdaşlığı” proqramı vasitəsilə Avropa İttifaqı ilə inteqrasiya proseslərini daha da dərinləşdirəcəkdir.
Sosial və digər xidmətlər üzrə də 2011-ci ildə 4,4 faiz, növbəti 3 ildə 8,7 faiz orta illik artım proqnozlaşdırılır. Ölkədə həyata keçirilən iqtisadi siyasətin prioritetlərinə uyğun olaraq sosial sahənin inkişafına yönəldilmiş islahatlar davamlı xarakter daşıyır, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq dövlət proqramları çərçivəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondu tərəfindən elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyətə malikdir.
Ümumilikdə qeyri-neft sektorunun ümumi daxili məhsulda hissəsinin dinamik artımı qeyri-neft ixracının da artmasına müsbət təsir edəcəkdir. Qeyri-neft ixracının artımı cari ilin ilk 8 ayına olan məlumatlardan da görünür. Belə ki, bu artım 2009-cu ilin eyni dövrü ilə müqayisədə 58 faizdən çox olmuşdur. Xarici ticarət dövriyyəsi 2011-ci ildə 3,5 faiz, növbəti 3 ildə isə orta hesabla 7,8 faiz, o cümlədən qeyri-neft ixracı 2011-ci ildə 7 faiz, sonrakı 3 ildə orta hesabla 16,1 faiz artacaqdır. Xarici ticarət saldosunun 2014-cü ildə 2011-ci illə müqayisədə 36 faiz artaraq 19 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Hörmətli millət vəkilləri, iqtisadiyyatımızın dinamik inkişafını şərtləndirən əsas amillərdən biri də iqtisadiyyata qoyulan investisiyalar olacaq. 2011-ci ildə investisiyalar 17 faiz artaraq 11,4 milyard manat, növbəti 3 ildə isə 37 milyard manat olacağı, o cümlədən xarici investisiyaların gələn il 4 milyard olmaqla növbəti 3 il orta hesabla 10,6 faiz artaraq 16 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Gələn il dövlət və qeyri-dövlət investisiyalarının həcmi müvafiq olaraq 5,9 və 5,5 milyard manat olacaq və neft sektoruna 4 milyard manat, qeyri-neft sektoruna isə 7,4 milyard manat investisiya yatırılacaqdır.
Ümumi investisiyalarda əhəmiyyətli xüsusi çəkiyə malik olan dövlət investisiyalarının əsas istiqamətlərini özündə əks etdirən Dövlət investisiya proqramı layihəsi də təqdim olunmuş sənədlər arasındadır. Proqram layihəsində, əsasən, keçid layihələrin başa çatdırılması prioritet olmaqla, infrastruktur, su ehtiyatları və irriqasiya, energetika, sənaye, ekologiya, kənd təsərrüfatı, eləcə də sosialyönümlü layihələrə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman obyektlərinin təmiri və tikintisinə, əlil və şəhid ailələri üçün yaşayış yerlərinin tikintisinə, qaçqınlar və məcburi köçkünlərin sosial yaşayış şəraitinin yaxşılaşdırılmasına üstünlük verilmişdir.
Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət öz müsbət nəticələrini sosial sahələrin dinamikasında da büruzə verir. Əsasən tikinti və emal sənayesində, habelə xidmət sahələrində iş yerlərinin daha yüksək templə açılması hesabına əhalinin məşğulluğu növbəti illərdə də ilbəil artacaqdır. 2011-ci ildə orta aylıq əmək haqqının 379 manata, 2012-ci ildə 431, 2013-cü ildə 484, 2014-cü ildə 551 manata çatacağı, əhalinin real gəlirlərinin müvafiq olaraq 6,5 faiz, 10,2 faiz, 8,1 faiz və 2014-cü ildə 8,5 faiz artacağı proqnozlaşdırılır. 2011-ci ildə yaşayış minimumu 9,2 faiz artaraq 95 manat, 2014-cü ildə 109 manat təşkil edəcəkdir. Yaşayış minimumunun artırılması ilə yanaşı, minimum əmək haqqının da yüksək templə artırılması planlaşdırılır. Belə ki, minimum əmək haqqının 2013-cü ildə yaşayış minimumuna çatdırılması və 2014-cü ildə isə hətta onu üstələməsi gözlənilir. Bu da “Yoxsulluğun azaldılmasına və davamlı inkişaf Dövlət Proqramı”nda qarşıya qoyulan ən vacib hədəflərdən birinə nail olunmasına imkan verəcəkdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, beləliklə, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı möhkəm təməl və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş, çevik və məqsədyönlü siyasəti nəticəsində sosial-iqtisadi siyasətin strateji istiqamətləri uğurla reallaşdırılmış, ölkə iqtisadiyyatında keçid dövrü başa çatmış və sosial-iqtisadi inkişafın yeni mərhələsi başlanmışdır. Əldə olunmuş bu nailiyyətlər, ölkəmizin dinamik iqtisadi inkişafı növbəti illərdə də davam edəcək. Ölkəmiz getdikcə abadlaşacaq, vətəndaşlarımızın həyat səviyyəsi, əhalinin rifah halı daha da yaxşılaşacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Şahin müəllim, əyləşin. Söz verilir Mərkəzi Bankın İdarə Heyətinin sədri hörmətli Elman Rüstəmova.
E. Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Hörmətli Sədr, Baş nazir, hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2011-ci il üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin ortamüddətli dövrə büdcə siyasətinin əsas istiqamətlərinin müzakirəsi dünya iqtisadiyyatının tarixində maraqlı, mürəkkəb və taleyüklü bir dövrə təsadüf edir. Azərbaycan iqtisadiyyatının da tərkib hissəsi olduğu qlobal iqtisadiyyat artıq iki il davam edən resepsiyadan çıxmağa başlamış və iqtisadi artım nümayiş etdirir. Qlobal iqtisadi artım hələ qeyri-bərabər və ziddiyyətli olsa da, bərpa olunmağa başlamışdır.
Qlobal böhranın aktiv fazası və təkrar resepsiya riski artıq geridə qalsa da, hazırda dünya iqtisadiyyatı çox ciddi problemlərlə üzləşib. Bu problemlər xaraktercə iki qrupa bölünür. Birinci, böhranın ağır nəticələrinin və irsinin aradan qaldırılması, ikinci, yeni iqtisadi artım, yeni iqtisadi düşüncə, təfəkkür modelinin, yeni iqtisadi artım mənbələrinin formalaşdırılması. Dünya iqtisadiyyatı yeni çağırışlar və təcridlərlə üzləşir. Bunlardan biri şişmiş dövlət borcları və defolt riski; ikincisi, işsizlik problemi və sosial problemlər; üçüncüsü, maliyyə sektorunda əhəmiyyətli maliyyə risklərinin hələ də qalması və dördüncüsü, dünya ölkələrində ticarət-valyuta münaqişələrinin kəskinləşməsi və bunların mürəkkəbləşməsidir.
İlk növbədə dövlət borcları haqqında demək istəyirəm. Dünya, xüsusilə də onun inkişaf etmiş hissəsi böhrandan çox ağır qiymətə çıxdı. Hesablamalara görə, böhrandan öncə inkişaf etməkdə olan dövlətlərin borc yükü təxminən onların ümumi daxili məhsulunun orta hesabla 75 faizinə çatırdısa, 2014-cü ildə bu rəqəmin 35 bənd artması və 110 faizə çatması gözlənilir. Böhrandan qabaq 74 faiz idi.
Bilirik ki, çox trilyonluq yardım proqramları icra olundu, iqtisadiyyata çoxlu yardım göstərildi. İndi ikinci ən başlıca problem, təbii ki, canlanma dövründə bu vəsaitlərin geri qaytarılması, borc yükünün azaldılması və büdcə konsolidasiyasının həyata keçirilməsidir. Biz görürük ki, bir sıra dövlətlərdə, xüsusilə Avropada, avro zonasında bu proses nə dərəcədə ağrılı gedir. Bunun səbəbi həmin prosesin bir çox yerlərdə sosial proqramların dondurulması və hətta onların ixtisara salınması hesabına baş verməsidir.
Dünyada qlobal iqtisadiyyatda işsizlik problemi xüsusilə kəskinləşir. Çox maraqlısı ondan ibarətdir ki, iqtisadi artımın başlamasına baxmayaraq, məşğulluq artmır, çünki qənaət rejimində çalışan bir çox korporasiyalar, müəssisələr buna əmək məhsuldarlığının artması hesabına nail olurlar. Resepsiya dövründə artan 30 milyon işsiz bütövlükdə 210 milyonluq işsizlər ordusu yaradıb və yaxın 10 ildə onların sırasına 450 milyon adamın əlavə olunması gözlənilir. Bütövlükdə belə bir itirilmiş nəsil problemi yaşanır ki, qlobal iqtisadiyyat bu qədər işçi qüvvəsini iqtisadiyyata cəlb edə biləcək və ya bilməyəcək? Olduqca ciddi sosial-iqtisadi və hətta mən deyərdim ki, siyasi bir riskdir.
Qeyd etmək lazımdır ki, böhran dövründə dünya çox yaxşı, əlaqəli və koordinasiya olunmuş şəkildə fəaliyyət göstərdi. Limit daxilində bir sıra ciddi koordinasiya olunmuş tədbirlər görüldü, lakin böhranın aktiv fazası arxada qaldıqdan sonra və inkişaf etməkdə olan, bazar iqtisadiyyatı formalaşan və inkişaf etmiş dövlətlər qrupunda situasiyanın fərqli olduğu bir şəraitdə bütövlükdə qlobal problemlərin artıq fərdi olaraq həll olunması, valyuta kursları, ticarət məhdudiyyətlərinin həyata keçirilməsi meyilləri güclənməyə başlayır. Bu, olduqca təhlükəli bir meyildir. Bütövlükdə ümumi elmi ekspert birliyinin fikrinə görə, qlobal problemlərin fərdi həlli mexanizmi yoxdur. Haqlı bir sual yaranır ki, Azərbaycan üçün bunun təsirləri nə cür ola bilər? Mənim çıxışımı belə bir girişlə başlamağımın əsas səbəbi bundan ibarətdir.
Çox yaxşı məlumdur və böhran bunu açıq surətdə göstərdi ki, Azərbaycan iqtisadiyyatının, maliyyə sisteminin dünya iqtisadiyyatına və maliyyə sisteminə inteqrasiyası əhəmiyyətlidir, oradan çox ciddi təsirlənə bilər. Bütövlükdə bu proseslərdən Azərbaycan iqtisadiyyatı üçün ortamüddətli dövrdə hansı potensial risklər ola bilər? Zəif canlanma Azərbaycanda istehsal olunan mallara və təbii, Azərbaycan ixracatına zəif təsir göstərə bilər, bu, xüsusilə neft sektoruna, həm də qeyri-neft sektoruna aiddir. Yəni zəif inkişaf templəri neftə olan tələbatı azalda və əsas ixracat məhsulumuz olan neftin qiymətləri üçün təhlükə yarada bilər.
İkinci, qlobal maliyyə bazarlarında, sektorunda olan situasiya Azərbaycanın gənc və hələ də möhkəm olmayan maliyyə-bank sektoru üçün əhəmiyyətli risklər təşkil edə bilər. Belə bir qlobal fonda Azərbaycan iqtisadiyyatı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında artıq uzun bir müddətdə həyata keçirilən, çox dərindən düşünülən iqtisadi strategiya, effektli iqtisadi siyasət, o cümlədən də mən xüsusi qeyd etmək istəyirəm, böhran dövründə həyata keçirilən effektli antiböhran siyasəti nəticəsində davamlı iqtisadi artım və dayanıqlıq nümayiş etdirir. Əgər makroiqtisadiyyatımızın əsas göstəricilərinə baxsaq, görərik ki, Azərbaycanda iki il ərzində iqtisadi artım 15 faiz, 2009-cu ildə və 2010-cu ilin cari dövründə iqtisadi artım 15 faizdən yuxarı olubdur. Bütövlükdə Azərbaycan iqtisadiyyatı 15 ildən artıqdır, davamlı iqtisadi artım nümayiş etdirir. Bu yaxınlarda Dünya İqtisadi Artım Komissiyasının məruzəsi çap olunubdur. Belə ölkələrin sayı çox azdır. Bu dövrdə əldə olunan nəticələrin miqyası iqtisadiyyatın neçə dəfə böyüdüyünü göstərir.
Azərbaycanın təcrübəsi, mən deyərdim ki, unikaldır. Azərbaycan makroiqtisadiyyatının əsas istiqamətlərinə diqqət yetirək. Bu dövrdə biz bilirik ki, bütün ölkələrdə devalvasiya ilə, defoltlarla üzləşdik. Amma Azərbaycan iqtisadiyyatında manatın məzənnəsi qorunub saxlanıldı. Böhran dövründə manatın məzənnəsinin sabitləşdirilməsinə sərf olunan valyuta artıq geriyə alınıbdır. İl ərzində Mərkəzi Bank daxili valyuta bazarından 1 milyard Amerika Birləşmiş Ştatları dollarından artıq vəsait alıbdır və ilin sonuna qədər bu vəsaitin ikiqat artımı gözlənilir.
Böhran dövründə inflyasiyanın canlanmasının şahidi olmuşduq. Lakin həm 2009-cu ildə, həm də keçən dövrdə inflyasiya birrəqəmlidir və bütövlükdə qiymətlərin sabitliyi qorunub saxlanıb. Böhran dövründə ölkənin ödəniş qabiliyyəti problemi ön plana çıxır. Burada qeyd olundu, ölkənin strateji valyuta ehtiyatları artıq 27 milyard Amerika Birləşmiş Ştatları dollarını ötüb keçir və bu, ölkənin 3 illik fasiləsiz idxalını təmin edə bilər. 2010-cu ilin sonuna bu rəqəmin 30 milyardı ötüb keçəcəyi gözlənilir ki, bu da ölkənin məcmu xarici borcundan təxminən 3 dəfədən də çoxdur.
Azərbaycanın maliyyə sektoru böhrana ciddi dayanıqlıq nümayiş etdirdi. Bildiyiniz kimi, Azərbaycanda bir bank da iflasa uğramadı, əmanətçilər, müştərilər qarşısında heç bir öhdəlik icra olunmamış qalmadı. Bank sektoru da bərpa proseslərini yaşayır və iki il ərzində bank sektorunun aktivləri 18 faiz, kreditlərin həcmi isə 20 faizdən çox artmışdır. Bank sektoruna etimadın əsas indikatoru olan əhalinin əmanətləri də artır. 2009-cu ildə 29 faiz, cari ilin 9 ayında isə 22 faiz, komulyativ olaraq iki il ərzində əhalinin əmanətləri 60 faizdən çox artıb. Dünyada baş verən sosial problemlər fonunda, hesab edirəm ki, bu, olduqca yaxşı bir göstəricidir. İpoteka mexanizmi də genişlənir. Dünən komissiyanın iclasında bu məsələyə toxunuldu. Bütövlükdə il ərzində 1855 ailə 73,7 milyon manat məbləğində ipoteka krediti, o cümlədən 418 ailə 14 milyon manat həcmində sosial ipoteka krediti almışdır.
Hörmətli millət vəkilləri, bütün dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatı bu gün, deyərdim ki, keçid mərhələsini yaşayır. Bu gün dünya iqtisadi ədəbiyyatında, dünya iqtisadi leksikasında ən çox işlənən termin ingiliscə “resinqinq” “yeni düşüncə”, “yenidən fikirləşmə” deməkdir. Bununla rəqabət edə bilən siyasi termin ancaq “perezaqruzka” ola bilər, siyasi və çox dəbdə olan bir termindir. Bu gün dünya maliyyə institutlarının, Dünya Bankının, Valyuta Fondunun rəhbərlərinin də öz məruzələrində qeyd elədikləri kimi, artıq dünyada iqtisadi inkişaf modeli inhisarda deyildir. Əvvəlki illərdə olduğu kimi deyildir. Bu institutlar, mərkəzlər hər bir ölkəyə öz inkişaf modellərini təqdim, təqlid və hətta müəyyən dövrlərdə diktə edirdilər. Bu gün hər bir dövlət, o cümlədən də Azərbaycan Respublikası, bizim iqtisadiyyatımız qarşısında indiyə qədər əldə olunmuş nəticələrə arxalanan, irsiliyə, Azərbaycanın milli xüsusiyyətlərinə, bütövlükdə dünya iqtisadiyyatının təcrübəsinə əsaslanan yeni bir iqtisadi modelin formalaşması və iqtisadiyyatımızın yeni bir istiqamətə yönəldilməsi problemi dayanır.
Cənab Prezidentin son çıxışlarında bu modelin əsaslarını görürük, bunun başlıca istiqaməti ölkə iqtisadiyyatının diversifikasiyası, iqtisadiyyatımızın dayanıqlığının artırılması və dünya iqtisadiyyatında, qlobal iqtisadiyyatda mövcud olan qeyri-müəyyənliklər şəraitində Azərbaycanın əldə etdiyi nəticələri qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir. Azərbaycan 15 ildə, xüsusilə də son 7 ildə keçdiyi inkişaf yolu nəticəsində orta gəlirli dövlətlər sırasına daxil olmuşdur. Əgər bu inkişaf dövrünün əvvəllərində Azərbaycan 60 faizdən yuxarı kasıblıq problemini həll edirdisə, bu gün Azərbaycanın qarşısında duran vəzifə, gördüyünüz kimi, keyfiyyətcə başqa bir vəzifədir, orta gəlirli dövlət olaraq öz mövqelərini qoruyub inkişaf etdirməkdir.
Orta gəlirli dövlətlər üç qrupa bölünür. Biz birinci qrupdayıq və başlıca vəzifə yeni strateji – 8–10 ili əhatə edən bir dövrdə iqtisadiyyatın yenidən ikiqat artması vasitəsilə orta qrupa, yəni ikinci qrupa daxil olmaqdır. Bunun üçün başlıca istiqamət iqtisadiyyatın diversifikasiya olunmasıdır və iqtisadiyyatın dayanıqlığının qorunmasıdır. İqtisadi siyasət, o cümlədən bu gün müzakirə olunan büdcə layihəsi, xüsusilə də ortamüddətli büdcə parametrləri və ölkədə həyata keçiriləcək monetar makroiqtisadi siyasət, valyuta siyasəti, antiinflyasiya siyasəti məhz bu mövqelərdən qiymətləndirilməlidir.
Büdcəyə gəldikdə, mən hesab edirəm ki, təqdim olunan büdcə layihəsi bütövlükdə məhz bu risklərə və qeyri-müəyyənliklərə çox adekvat bir cavabdır. Bildiyimiz kimi, büdcə çox az bir faizlə artır. Olduqca əhəmiyyətli bir məqama toxunmaq və bir çox sualları qabaqlamaq istəyirəm. Dünən komissiyada Dövlət Neft Fondundan transfertin artırılması məsələsinə toxunuldu. Bu niyə belə baş verir? Bütövlükdə dünyada baş verən bu qeyri-müəyyənlik fonunda, dünya tələbatının belə zəif inkişaf etdiyi bir zamanda dövlət xərclərinin müəyyən dərəcədə artırılması vacibdir. Bu, daxili tələbatı, investisiyaları stimullaşdırmaq vasitəsilə ölkədə iqtisadi artımı dəstəkləmək vəzifəsini güdür. Mən də çıxışlarda irəli sürülən təkliflərlə razıyam və hökumətin daxilində də bu haqda konsensus var ki, Azərbaycan dövlət büdcəsinin neftdən və neftdən transfertdən asılılığını azaltmaq və bunu daha aşağı bir həddə balanslaşdırmaq lazımdır.
Əsas məsələ iqtisadiyyatın diversifikasiyasıdır. Yaxın ortamüddətli bir dövrdə biz həm ixrac potensialımızı, həm də məşğulluğu yeni bir əsasa, yəni qeyri-neft sektoru əsasına keçirməliyik. Olduqca vacib bir məsələdir. İqtisadiyyatda məşğul olanların böyük bir hissəsi qeyri-neft sektorunda çalışır. Büdcə gəlirlərində də bu gün neft sektorunun payı yüksəkdir və dayanıqlıq və dünya iqtisadiyyatından gələn qeyri-müəyyənlik, konyunktura meyilləri tələb edir ki, iqtisadiyyat dərindən diversifikasiya olunsun. Ölkədə həyata keçiriləcək ortamüddətli pul-kredit siyasəti məhz bu məqsədləri dəstəkləyəcək. Bu dövrdə həyata keçirdiyimiz siyasət bizim başlıca mandatımıza uyğun olaraq antiinflyasiya xarakteri daşıyacaq. İstənilən iqtisadi strategiyanın arxasında makroiqtisadi sabitlik dayanır. Yəni bu postulat aksiomadır, müzakirə olunmur.
Ölkədə çox çevik valyuta siyasəti həyata keçiriləcəkdir. Dünən məndən soruşdular ki, ölkədə valyuta kursunun taleyini nə gözləyir? Bütövlükdə valyuta kursunun zəifləməsi meylini gözləmirik. Ölkədə və beynəlxalq situasiyada baş verən nəticələrə görə valyuta kursunun daha da möhkəmlənməsi gözlənilir. Bu qaçılmazdır. Valyuta bazarında, mən artıq dedim, il ərzində 2 milyard dollardan çox artıqlıq var. Beynəlxalq proqnozlar göstərir ki, yaxın və ortaillik dövrlərdə neftin qiyməti müsbət olacaq və ölkənin ödəmə balansı, faktik olaraq, illik 10 milyard dollarlıq profisitlə baş verirsə, valyuta kursunun möhkəmlənməsi qaçılmazdır. Bu, ölkədə aktivləşə biləcək və xüsusilə də ixracata əsaslanan inflyasiyanın canlanmasının qarşısını ala biləcəkdir.
Maliyyə sektorunda görüləcək əsas tədbirlər bank sektorunda sağlamlaşdırma və restitusiya tədbirlərinin başa çatdırılması, nəhayət, özəlləşdirilmənin tamamlanması və ölkədə aktiv maliyyə vasitəçiliyinin inkişaf etdirilməsidir. Hesab edirəm ki, bu istiqamətdə görüləcək tədbirlər bank sektorunun daha da konsolidasiya olunmasına və birləşməsinə gətirib çıxaracaqdır.
Qarşıda çox böyük vəzifələr durur. Hesab edirəm ki, Azərbaycan dövləti bunun üçün bütün lazımi potensiala malikdir. Ən başlıcası da, hesab edirəm ki, ölkədə bunun həyata keçirilməsi üçün dövlət başçısı tərəfindən irəli sürülən möhkəm bir siyasi iradə mövcuddur və bütövlükdə bu, imkan verir ki, gələcək inkişafımıza optimist baxaq.
Sonda, hazırkı parlament qarşısında mənim son çıxışımdır, fürsətdən istifadə edib son 5 ildə bizim səmərəli fəaliyyət göstərməyiniz üçün qəbul etdiyiniz qanunlara görə sizə öz təşəkkürümü bildirmək istəyirəm. Bu yaxınlarda parlamentin fəaliyyətinin 5 illik yekunları açıqlandı. Doğrudan da, çox ciddi təəssürat doğurur. Mərkəzi Bank adından deyə bilərik ki, təkcə bu dövrdə qəbul olunmuş üç qanun əsasında biz yeni üç institut formalaşdırdıq. Bunlar ipoteka, əmanətlərin sığortalanması institutlarıdır və çirkli pulların yuyulmasına qarşı milli monitorinq sistemidir. Beş il ərzində üç institut, üç qanun, hesab edirəm ki, olduqca əhəmiyyətli bir məsələdir. Bir daha sizə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim. Hesablama Palatasının sədri Heydər Əsədova söz verilir. Heydər müəllimin hər il hazırladığı rəylər çox sanballı bir təhlillə başa çatır. Bilirəm, vaxt azdır, xahiş edirik, çıxışınız bir az yığcam olsun.
H. Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Məndən öncə çıxış edən məruzəçilər Azərbaycanda son illərdə yaranmış dayanıqlıq ehtiyatı hesabına maliyyə-fiskal siyasətin daha da möhkəmlənməsi və dünyada, əsasən də, Avropa məkanında baza indikatorlarının pisləşdiyi bir şəraitdə Azərbaycanda əhalinin, xüsusən də onun aztəminatlı hissəsinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində ciddi addımlar atılması barədə məlumat verdilər. Təbii ki, bütün bunlar ölkə başçısı, zati-aliləri cənab İlham Əliyevin apardığı düzgün və çevik iqtisadi siyasətin və əsaslandırılmış büdcə konsepsiyasının məntiqi nəticəsidir. Mən həmçinin bildirmək istərdim ki, aparıcı, peşəkar büdcə alətlərindən istifadədə və eləcə də büdcə konsepsiyasının müəyyən edilməsində, onun icrasında aidiyyəti dövlət orqanlarının rolunu da xüsusilə qeyd etmək lazımdır.
Burada qeyd edildiyi kimi, dünya iqtisadiyyatının inkişafındakı qeyri-müəyyənlik son dövrlərdə büdcənin bəzən enerji təhlükəsizliyinin, sonra ərzaq təhlükəsizliyinin, daha sonra isə qlobal iqtisadi-maliyyə böhranı fonunda ümumilikdə real sektora yardımını zəruri etmişdir. Azərbaycanda tərtib olunan büdcə məhz bu qeyd olunan hədəflərə yönəlmiş və son illərdə bu problemlərin həlli olduqca sistemli şəkildə, ardıcıllıqla və peşəkarcasına həyata keçirilmişdir.
Son dövrlərdə dünya ölkələrində, xüsusilə Avropa məkanında dövlət borclarının həcminin böyük sıçrayışla artması, büdcə kəsirinin fantastik həddə çatması bu qlobal problemlərə yeni forma, yeni təzahür verir. Ən nəhayət, son aylarda, belə demək mümkünsə, dünyada başlamış valyuta müharibəsi bu problemlərə yenisini əlavə etmişdir. Təbii ki, belə bir zamanda tərtib edilən büdcə dünya iqtisadiyyatının bu reallıqlarına əsaslanmalı, dünyada baş verən bu riskləri qarşılamağa yönəlməli və eyni zamanda, həmin riskləri qarşılamağa maliyyə təminatı yaratmağa əsas verməlidir. Hesablama Palatasının apardığı təhlillər onu deməyə əsas verir ki, möhtərəm Prezidentimizin parlamentə müraciətində məhz bu faktlar əsas götürülmüş, büdcə hədəfləri dəqiqləşdirilmiş və qeyd etdiyim bu problemləri həll etməyə yönələn, onun maliyyə təminatını verən bir büdcə konsepsiyası göndərilmişdir.
Hörmətli millət vəkilləri! Qeyd etdiyim kimi, əksər Avropa dövlətlərinin büdcə kəsirinin aradan qaldırılmasında və borcların azaldılmasında seçdiyi hədəf, əgər belə demək mümkünsə, bu problemlərin vətəndaşların kəmərlərinin sıxılması hesabına həyata keçirilməsi taktikasıdır. Bir sıra ölkələrdə isə bunlar, əsasən, əmək haqqının dondurulması, əlavə dəyər vergisinin artırılması, hətta bəzi sosial layihələrin təxirə salınması hesabına həyata keçirilir. Azərbaycanda isə əksinə, çox dəqiq, düşünülmüş büdcə siyasəti və dəqiq hədəflər müəyyən edilərək bu problemlərin həllinə səy göstərilmişdir.
Ədalət naminə demək lazımdır ki, son illərin büdcələri, loru dillə desək, artıq oturuşmuş bir büdcələrdir. Yəni bunlar artıq real iqtisadi artımı özündə əks etdirməklə, dövlətin, hökumət başçısının müəyyən etdiyi hədəflərə və prioritetlərə cavab verməklə dəqiq hesablamalara əsaslanaraq tərtib edilən büdcələrdir. Artıq bir neçə ildir, siz bunun şahidisiniz, onların icrasında heç bir problem yaranmır.
Onu da qeyd etməyi zəruri bilirəm ki, hələ ulu öndərin vaxtından bəri Azərbaycan büdcəsinin həcmindən və hətta iqtisadi inkişafın səviyyəsindən asılı olmayaraq, büdcəmiz ənənəvi olaraq həmişə sosial xarakterli olmuşdur və bu, bu gün Milli Məclisdə müzakirə olunan büdcənin də əsas qayəsini təşkil edir. Amma zaman-zaman həmin büdcəyə investisiya yönümlü əlavə olunmuş, – bunu bir neçə dəfə biz sizinlə burada müzakirədə qeyd etmişik, – və digər sahələrə də xüsusi qayğı göstərilməsi diqqətdə saxlanılmışdır. Amma möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, son illərdə, əsasən, təcili və təxirəsalınmaz investisiyalar icra olunduğuna görə, bu il büdcənin, hesab edirəm ki, prioritetləri bir qədər dəyişdirilərək ona daha çox kompleks xarakter verilmişdir. Yəni investisiya hissəsinin azaldılması hesabına ölkədə təhsil, səhiyyə, mədəniyyət və xüsusilə altını cızaraq qeyd etmək istəyirəm ki, müdafiə xərclərinin artırılmasına xüsusi prioritet verilmişdir. Deməli, 2011-ci ilin büdcəsini ümumiləşdirsək, bu, nəinki sosialyönümlü, ümumilikdə müdafiə yönümlülüyü prioritet götürməklə kompleks yönümlü bir büdcədir.
Hörmətli millət vəkilləri, bu büdcənin bir çox müsbət məziyyətlərini qeyd etmək olar. Burada məndən əvvəl çıxış edən məruzəçilər bunların hamısını qeyd etdilər. Mən bu gün aktual olan dövlət büdcəsinin kəsirinin və eləcə də dövlətin borclarının azaldılmasına yönəldilən məziyyətləri haqqında məlumat vermək istərdim. Bu, məlumatlarda da verilib və Hesablama Palatasının rəyində də göstərilib. Hökumət buna qarşı adekvat addım ataraq gələn il daxili borclanmanın limitini 500 milyon manat və xarici borclanmanın limitini 200 milyon manat azaltmağı planlaşdırır. Əslində, neftin qiymətinin 60 dollar götürülməsi və real iqtisadi artıma belə konservativ yanaşma bunu deməyə əsas verir ki, borclanmanın səviyyəsi heç o limit qədər də olmayacaq və bundan aşağı olacaqdır. Bunun müqabilində büdcənin kəsirinin azaldılması nəzərdə tutulur.
Büdcə kəsirinin də 2010-cu ilə nisbətən xeyli azaldılması nəzərdə tutulur ki, bu da, əsasən, antiinflyasiya xarakteri daşımaqla yarana biləcək böhranların və risklərin qarşısının alınmasında müstəsna rol oynayacaqdır. Burada da mən bir haşiyə çıxmaq istərdim. Əgər büdcə kəsirinin maliyyələşmə mənbələrinə baxsanız, burada, əsasən, xarici və daxili borclanma, özəlləşdirmədən gələn gəlir və müəssisə və təşkilatların özünəməxsus xüsusi vəsaitləridir. Bir qədər dəqiqləşdirməyə getsək, müəssisələrin özünəməxsus vəsaitlərini büdcənin gəlir və xərcində əks etdirsək və nəzərə alsaq ki, xarici borclanmanın səviyyəsi bayaq qeyd etdiyim faktorlar hesabına nisbətən aşağı olacaq, onda burada əminliklə qeyd etmək olar ki, həm bu ilin, həm də gələn ilin büdcəsinin icrasında büdcənin kəsiri nəzərdə tutulanın, yəqin ki, 50–60 faizindən yuxarı olmayacaqdır.
Bu büdcədə təkcə strateji, prioritet xarakterli məsələlər deyil, eyni zamanda, nəzəri məsələlərin həllinə də xüsusi fikir verilmişdir. Bizim rəyimizdə bunlar çox geniş qeyd olunmuşdur. 2011-ci ilin büdcəsi özünün şəffaflığına, ünvanlığına, xərclərin təsnifatının və təyinatının dəqiqləşdirilməsinə görə o biri büdcələrdən seçilir. Fikir versəniz, orada sahə təyinatlı xərclərin aidiyyəti bölmələrə aid edilməsi istiqamətində mühüm addımlar atılmışdır. İşsizlik, əmək qabiliyyətinin itirilməsinə görə bir çox yeni xərc maddələri bu büdcəyə daxil edilmişdir ki, bu da gələcəkdə büdcənin ünvanlığının artırılmasına xüsusi təsir göstərəcəkdir. Eyni sözləri Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə də aid etmək olar. Bu büdcənin də şəffaflaşması istiqamətində mühüm addımlar atılmışdır.
Hörmətli millət vəkilləri, mən burada bir məsələni də qeyd etmək istərdim. Ümumiyyətlə, investisiya xərclərinin azaldılması və bunun hesabına digər xərclərin artırılması bizim prioritetlərimizə yeni istiqamət verməklə yanaşı, eyni zamanda, strateji hədəflərimizə, məqsədlərimizə çatmağa da böyük köməklik göstərəcəkdir.
Hörmətli millət vəkilləri, mən bu büdcənin parametrləri və eləcə də oradakı müsbət məziyyətlər haqqında məlumat verərkən bir şeyi də diqqətinizə çatdırmaq istərdim ki, yaxın gələcəkdə Azərbaycanda iqtisadi artımın əvvəlki illərdə olduğu kimi, fantastik sıçrayışla artması müşahidə olunmayacaqdır. Buna görə də biz yaxın gələcəkdə bütün diqqətimizi büdcə xərclərinin həcminin artırılmasından çox başqa parametrlərə, büdcənin vəsaitlərindən istifadənin səmərəliliyinə yönəltməliyik. Mən hesab edirəm ki, növbəti illərin büdcə strategiyası, büdcə taktikası, büdcə konsepsiyası məhz büdcənin natural şəkildə həcminin artırılmasına deyil, onun vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəldilməsinə, onun tərtibinin təkmilləşdirilməsinə yönəlməlidir. Müəssisə və təşkilatlar, dövlət orqanları artıq əsaslandırılmayan, özünü doğrultmayan və nəticəliliyə əsaslanmayan büdcə layihələrini Maliyyə Nazirliyinə, hökumətə təqdim etməməlidirlər.
Növbəti ilin büdcələri konkret nəticəyə əsaslanmalı və bu nəticənin qiymətləndirilməsinin özünün konkret metod və mexanizmləri işlənib hazırlanmalıdır. Növbəti ilin büdcələri ancaq proqram layihələrinin yerinə yetirilməsinə yönəlməlidir. Azərbaycanda bu sahədə daha böyük təcrübə var. MDB dövlətlərində proqramlara, regionların inkişafına vəsait ayrılması ilk olaraq Azərbaycanda başlayıb. Mən hesab edirəm ki, növbəti illərdə proqramlılıq, ünvanlılıq, nəzəri mexanizmin artırılması vasitəsilə bu sahədə daha böyük müvəffəqiyyətlərə nail olmaq olar.
Büdcə haqqında çox danışmaq olar. Vaxtınızı çox almadan deyim ki, Hesablama Palatası, onun kollegiyası belə hesab edir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən parlamentə göndərilən qanun layihəsi hədəfləri, strategiyası, prioritetləri bəlli olan və maliyyə ehtiyatları ilə təmin olunmuş bir büdcə sənədidir. Biz büdcə sənədini dəstəkləyirik və ona müsbət rəy veririk. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, büdcə layihəsini səsə qoymağa hələ çox var, amma siz tələsirsiniz. Bunun səbəblərindən biri də budur ki, qarşıdan parlament seçkiləri gəlir və ayın 15-də təbliğat kampaniyası başlayır. Seçkilərdə iştirak edəcək bir çox millət vəkili müraciət eləmişdi ki, mümkünsə, müzakirələri 5 dəqiqə edək. Mən hələ tələsmirəm. Vaxtınız var, tənəffüsdə də fikirləşin, günün ikinci yarısı danışarıq. Sağ olun.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Tənəffüs zamanı çox fikirləşmədiniz ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə. Bu məsələni səsə də qoya bilərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən siz danışanda maneçilik etmirəm ki... Pənah bəy, qanundan danışırsan, qanunda 10 dəqiqədir. Ancaq qanunun başqa bir yolu da var ki, Milli Məclisin üzvlərinin təkidi ilə bu, 15 dəqiqə də ola bilər, 5 dəqiqə də. Mən ona görə, burada mübahisələr düşməsin deyə hamınıza müraciət etdim. Dedim ki, ayın 15-də artıq Milli Məclisə seçkilərlə bağlı təbliğat kampaniyası başlayır. Bizim bir çox millət vəkilimiz namizədliklərini rayonlardan veriblər. Ayın 14-də iclas keçirməmək üçün fikirləşdik ki, çıxışları 5 dəqiqə edək, bir gündə 2 günün işini görə bilək. 10 dəqiqə ilə 5 dəqiqədə fikirlər dəyişməyəcək ki. Xahiş edirəm, kim çıxışlar üçün ayrılan vaxtın 5 dəqiqə olmasına razıdırsa, münasibətini bildirsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, reqlamentlə əlaqədar olar. Bir az yaxşı oxu, görəcəksən, Nizamnamədə var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi hansı hüquqşünasdan istəyirsən, soruşaq. Sən hüquqşünas deyilsən.

Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 91
Əleyhinə 7
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 101
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, müzakirəyə yazılın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 ildə bizi qorxudan sarılıq tutub, ay Pənah. Arif Rəhimzadə, buyurun.
A. Rəhimzadə. Sağ olun. Hörmətli Milli Məclis, hörmətli qonaqlar, xanımlar və cənablar! Bu ilin yekunu və 2011-ci ilin büdcəsi haqqında çox ətraflı danışıldı. Bütün bunlar, şübhəsiz, belə bir ağır ildə büdcəmizin çox yüksək dayanıqlığını, stabilliyini, eyni zamanda, müsbət dinamikasını göstərir. Hesab edirəm ki, bu barədə heç bir şübhə ola bilməz. 2010-cu ildə ilk dəfə olaraq Azərbaycan büdcəsində ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun neft sektorunu üstələməsi gözlənilir. Bu çox böyük bir qələbədir, cənab Prezidentin təkidlə həyata keçirdiyi siyasətin nəticəsidir. Azərbaycanda hazırda bütün sahələri və bütün bölgələri əhatə edən dövlət proqramları həyata keçirilir. Azərbaycanda yeni yaşayış standartları yeni bir mühit yaradır. Mən hesab edirəm ki, bu büdcə qəbul olunmalıdır. Mən ona səs verəcəyəm və həmkarlarımı buna çağırıram.
Bununla belə, 2 məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Birincisi, cənab nazir burada qeyd etdi, bu il yerli özünüidarə orqanlarına, bələdiyyələrə 3,5 milyon manat vəsait ayrılır. Son 3 il ərzində bu vəsait 1 manat da olsun artmayıb. Bu vəsaitin 1718 bələdiyyəyə bölünməsi, təsəvvür edin ki, nəyə gətirib çıxaracaqdır. Düzdür, cənab nazir mənə deyəcək ki, dövlət bələdiyyələri öz öhdəsinə götürmür, bələdiyyələr özləri özlərini saxlamalıdır. Bu sahədə xeyli iş görülübdür. O cümlədən 2010-cu ildə bələdiyyələr birləşmə nəticəsində böyüdülüb və onların maliyyə imkanları da xeyli artıbdır. Ancaq faktdır ki, bir çox bələdiyyə hazırda özünü maliyyələşdirə bilmir. Bu yaxınlarda Azərbaycan əhalisinin bütün kateqoriyalarını əhatə edən insanların məvacibləri, təqaüdlər artıbdır. Ümumiyyətlə, bizim həyat tərzimiz yüksəlibdir. Mən hesab edirəm ki, bu məsələyə baxmaq, bələdiyyələrə ayrılan vəsaitin həcmini mütləq artırmaq lazımdır.
İkinci deyəcəyim məsələ pensiyalarla əlaqədardır. İş burasındadır ki, 2000-ci ilə kimi büdcə təşkilatlarında çalışan insanların məvacibləri çox aşağı olubdur. O bazaya əsasən də onların pensiyaları hesablanıbdır. Hazırda 2000-ci ilə kimi pensiyaya çıxan insanların pensiyaları çox aşağıdır. Bu insanlar, əsasən, büdcə sahələrində – təhsil, elm, səhiyyə müəssisələrində işləyən adamlardır. İndi elə bir vəziyyət yaranıb ki, halı, işə gəlmək imkanı olmayan insanlar pensiyanın ümidinə qalmamaqdan ötrü işə getməyə məcburdurlar. Bu məsələ 3 il bundan qabaq da qaldırılıbdır. Onda büdcənin imkanları indiki kimi geniş deyildi, amma indi büdcənin imkanları bu məsələni həll etməyə qadirdir. Mən xahiş edərdim ki, bu məsələyə yenidən baxılsın.
Üçüncü bir məsələ. Seçildiyim Neftçala rayonunda 5 ildən artıqdır ki, su kanalı çəkilir. Bu su kanalının çəkilməsi 25 min hektar sahədə suvarılma işlərini xeyli dərəcədə yaxşılaşdıracaqdır. Bu da cənab Prezidentin qarşıya qoyduğu məsələnin, qeyri-neft sektorunun inkişafı...
Sədrlik edən. Çox sağ olun. Arif müəllim, inciməyin, hamımız 5 dəqiqəyə razılaşdıq. Fikirləriniz aydın oldu. Pənah Hüseyn buyursun.
P. Hüseyn. Mən, əvvəla, çox mühüm dövlət sənədinin, Milli Məclisin əsas funksiyalarından biri olan büdcənin müzakirəsində antidemokratik səsvermə yolu ilə qanuna müdaxiləni pisləyirəm və bunun qeyd olunmasını xahiş edirəm. Amma büdcənin bu qədər qüsur və eyiblə müzakirəyə təqdim olunmasına baxmayaraq, sözün doğrusu, hörmətli Sədrin və hörmətli Yeni Azərbaycan Partiyası üzvlərinin Milli Məclisdə belə addım atması, yəqin ki, o qədər də qəribə görünməməlidir. Mən Azərbaycanın iqtisadi siyasətinin, o cümlədən konkret olaraq büdcə siyasətinin bu ayıbını hər il burada səsləndirirəm və qosqoca Azərbaycan dövləti, Azərbaycan hökuməti, onun Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi bu qüsuru düzəldə bilmir.
Məlum olur ki, Azərbaycanın investisiya proqramları layihəsi yoxdur. Hər il bu, tələb olunur. “Büdcə sistemi haqqında” Qanunun 12.1.8-ci maddəsinə görə bizə Prezidentin imzası ilə göndərilən zərfdə bu, imperativ qaydada deputatların müzakirəsinə verilməli olan sənəd kimi nəzərdə tutulub. Əgər olsaydı, bu sənəd bizə verilərdi. Təkrar edirəm, yoxdur, baxmayaraq ki, hər il biz bunu tələb edirik.
Bizim komitədə çox qəribə, gülünc, absurd bir fikir səsləndi ki, guya bu qanunun 17-ci maddəsinin üçüncü hissəsi ilə ləğv edilir, qanunda boşluq var. Qanunda heç bir boşluq yoxdur. 17.3-cü maddədə, sadəcə, bu gün bizim təsdiq edəcəyimiz investisiya xərclərinin obyektlər və təşkilatlar üzrə bölgüsü barədə icra hakimiyyətinin, konkret Nazirlər Kabinetinin müzakirəsi ilə sənəd qəbul edilməsi nəzərdə tutulur. Dövlət investisiya proqramlarına aid dövlət proqramı isə tamamilə başqa bir sənəddir. Bu 5 il ərzində bunun ortalığa qoyula bilməməsi yaxşı hal deyil. Prezidentin keçən il göndərdiyi müraciətdə onun adı var idi, özü yox. Bu il, ümumiyyətlə, adı da yoxdur. Prezidentin imzası ilə göndərilmiş bir məsələ olduğuna görə keçən il də qanun pozuntusu idi, bu il də. Bu məsələyə aydınlıq gətirilməsi, sadəcə olaraq, mümkün deyil. Buna nail də deyillər, qadir də.
Nəyə görə mən bu məsələ üzərində geniş dayanıram? Dövlət büdcəsinin investisiya xərcləri təxminən 3 milyard yarım nəzərdə tutulsa da, bu proqramın ortada olmaması bunun tamamilə qeyri-şəffaf olduğunu göstərir. Sadəcə olaraq, pulu ayırıb, sonra isə onun hara axması, hara sərf olunması istər Milli Məclis deputatlarında, istərsə də cəmiyyətdə qəsdən hər hansı bir məlumatsızlığa yönəldilmişdir. Biz hər il bunu təkrar edirik, təkzib edirlərsə, sənəd ortalığa qoysunlar. Bu, ciddi bir korrupsiya mənbəyi kimi dövlət büdcəsindən daxil olmuş vəsaitin oğurlanması və mənimsənilməsinin əsas istiqamətidir. Əgər biz xüsusi müdafiə təyinatlı xərcləri də hesablasaq, o halda bu, təxminən 5 milyard yarım, yəni büdcənin təxminən yarısını təşkil edir ki, o halda Azərbaycanın builki büdcəsinin hansı vəziyyətdə olduğu məlum olur.
Bir daha təkrar edirəm, hər il olduğu kimi, bu büdcə dövlətin, xalqın gəlirlərinin və dövlətin maliyyə sərvətlərinin oğurlanmasına şərait yaradan bir sənəddir. Heç bir halda bu sənəd bu şəkildə qəbul oluna bilməz. Belə olan halda, təbii ki, müəllimin vəzifə maaşının 92 manat, elmlər doktorunun vəzifə maaşının təxminən 250–270 manat, dövlət büdcəsindən maliyyələşən səhiyyə müəssisələrində çalışanların vəzifə maaşlarının 150–170 manat olmasının səbəbi aydın olur. Bizim hər il tələb etdiyimiz odur ki, bunlar ciddi bir şəkildə dəyişdirilməlidir. Azərbaycanın dövlət vəsaiti, xalqın sərvəti olan neft gəlirləri imkan verirdi ki, məsələn, ən azı Türkiyə standartlarının yarısı səviyyəsinə çataq. O halda bizim professorun 1000 manat, dosentin 800 manat, müəllimlərin, həkimlərin təxminən 500 manat maaş alması tamamilə mümkün olan məsələdir. Nə üçün bu edilmir? Buna cavab verə bilmirlər və yəqin ki, verə bilməyəcəklər.
Nəhayət, Bakı və digər şəhərlərdə mənzil proqramının qəbul edilməməsi, təqaüdlərin və pensiyaların ciddi bir şəkildə artırılmaması, bizim üz qaramız olan, – komitədəki müzakirələrdə bəziləri hətta bu tələbin qaldırılmasını ermənilərə xidmət kimi dəyərləndirməyə cəhd etdilər, – seçicilərimizin banklarda yatan əmanətlərinin qaytarılmaması təəccüblü görünməməlidir. Təkrar edirəm, əsas səbəb, necə deyərlər, əsas şifrə buradadır. Hörmətli Milli Məclis də bütün bu oğurluqları, bütün bu qanunsuzluqları ört-basdır etmək, bunların xalqa çatdırılmasının qarşısını almaq üçün təsadüfi deyil ki, çıxış üçün mümkün olan 10 dəqiqəni 5 dəqiqə etdi. Lakin bu yolla Azərbaycan xalqını aldatmaq olmayacaqdır. Əvvəl-axır xalq haqq-hesab tələb edəcəkdir və haqq-hesabı biz istəyəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Xalq haqq-hesabı vaxtilə səndən istəyirdi, ay Pənah. Cavabın da veriləcək. İlham Məmmədov buyursun.
İ. Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, ilin baş maliyyə sənədi, dövlət büdcəsi olduqca təkmil, hərtərəfli və peşəkarlıqla hazırlanıb. Xüsusilə qeyd etmək istərdim ki, həmişə olduğu kimi, növbəti ilin büdcə zərfinə daxil olan sənədlərlə tanışlıq bütövlükdə ölkəmizin növbəti ildəki həyatı haqqında hər birimizdə ətraflı bilgilər yaratmağa yetərlidir. Biz artıq hər il şahidi oluruq ki, büdcə sənədi hazırlanarkən dünyada baş verən iqtisadi proseslər, ölkəmizin makroiqtisadi göstəriciləri və digər komponentlər nəzərə alınır. 2011-ci ilin büdcə layihəsi hazırlanarkən bu istiqamət yenə də nəzərə alınmışdır.
Mən büdcəmizin üstünlükləri barədə danışmaq istəyirəm. Burada məndən əvvəl Pənah Hüseyn elə danışdı ki, sanki ölkənin iqtisadi inkişafı başqa bir istiqamətdədir və illər ərzində görülən işlər tamamilə başqa bir istiqamətdədir. Nəzərinizə çatdırım ki, 2011-ci ilin büdcə layihəsi hazırlanarkən xərclər, proqnozlar, konkret tədbirlər, adambaşına maliyyələşmə prinsiplərinə üstünlük verilmişdir. Büdcəmizin peşəkarlıqla hazırlanmasının ən ümdə göstəricilərindən biri məhz budur.
Hörmətli deputat həmkarlarım büdcənin ayrı-ayrı sahələri üzrə fikirlərini bildirəcəklər. Artıq neçə gündür, komitələrdə gedən büdcə dinləmələrində biz hörmətli hökumət üzvlərinin, maliyyə nazirinin verdiyi məlumatlarla yaxından tanış olmuşuq. Bugünkü ətraflı və geniş təqdimatda da büdcəmizdəki bu statistik rəqəmləri eşitdik və bunlar real rəqəmlərdir.
Mən, sadəcə, büdcədə olan yeniliklərin bəziləri barəsində və xüsusilə sosial sahəyə aid olan hissə barəsində fikrimi demək istəyirəm. Bunun da səhiyyə sahəsinə aid olan hissəsini xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Səhiyyə xərclərinin 2010-cu ilə nisbətən 2011-ci ildə 7,1 dəfə artırılması nəzərdə tutulub. Son illərdə dövlət büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisinin artması göstərir ki, ölkəmiz bu məsələdə olduqca prinsipialdır və səhiyyə şəbəkəsinin təkmilləşdirilməsi məqsədini gerçəkləşdirməkdədir. Səhiyyə xərclərinin xəstəxanalara ayrılan vəsaitinin yenə də üstünlük təşkil etməsinə baxmayaraq, poliklinika və ambulator xərclərin 2010-cu ilə nisbətən mütləq ifadədə 20 milyon manat artaraq 88 milyon manata çatması, yəni 22 faizlik artım büdcənin yeniliklərindən biridir. Hesab edirəm ki, bu gün səhiyyədə aparılan uğurlu islahatların hədəfi ilkin səhiyyə sisteminin gücləndirilməsi, insanlara daha keyfiyyətli ambulator xidmətlərin göstərilməsi və tibbi profilaktikanın gücləndirilməsidir. Bu, xəstələnmələrin azalmasına xidmət edən amillərdən biridir. Məlumdur ki, səhiyyədə prioritetlər üzrə çoxsaylı dövlət proqramlarının icrası üçün də 119,3 milyon manat vəsait ayrılıb. Xüsusilə xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemi üçün 21,7 milyon manat və ilk dəfə olaraq, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”na 16 milyon manat vəsait ayrılmışdır. Bu, 2010-cu ildəkinə nisbətən 50 faiz çoxdur. İlk dəfə olaraq vərəm xəstəliyi ilə mübarizə məqsədi ilə 3 milyon manatdan artıq vəsait ayrılmışdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ayrı-ayrı sahələr üzrə görülən işləri biz burada saatlarla sadalaya bilərik. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf konsepsiyası bu gün möhtərəm Prezidentimizin bilavasitə rəhbərliyi ilə elə bir yüksək zirvəyə çatmışdır ki, artıq büdcəmiz xalqımızın həm bu gün, həm də bundan sonrakı illərdə yüksək yaşayışına, sosial rifah halının yaxşılaşmasına, ölkəmizin müdafiə qüdrətinin artmasına imkan verir.
Mən son olaraq burada Dövlət Neft Fondundan transfertlər hesabına büdcənin formalaşması barədə deyilənlərə fikrimi bildirmək istəyirəm. Burada elə bir qəbahət yoxdur. Dünən 4 komitənin birgə iclasında Dövlət Neft Fondunun icraçı direktoru hörmətli Şahmar Mövsümov çox aydın və açıq şəkildə bildirdi ki, ulu öndərimizin yaratmış olduğu bu fondun yarandığı gündən əsas məqsədi makroiqtisadi sabitliyi qorumaq, Neft Fondunun vəsaitlərinin bugünkü və gələcək nəsillər arasında bərabər bölüşdürülməsi və uzunmüddətli idarə olunması konsepsiyasını həyata keçirməkdir. Mən fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, bu gün ölkəmiz neft faktorundan asılılığı aradan qaldırmaq üçün neft amili hesabına çox iri, qlobal layihələr həyata keçirir. Bunlardan birini misal çəkə bilərəm ki, bu gün Milli telekommunikasiya peykimizin orbitə qaldırılması və kosmik sənayemizin inkişafı...
Sədrlik edən. Çox sağ olun. Hamınız təcrübəli millət vəkilisiniz, xahiş edirəm, vaxtınızı elə bölün ki, sözünüz yarımçıq qalmasın. Bəxtiyar Əliyev.
B. Əliyev. Çox sağ olun. Təşəkkür edirəm, cənab Sədr. Azərbaycan Respublikasının 2011-ci il dövlət və icmal büdcələrinin layihələri, qeyd edildiyi kimi, çox ölçülü-biçili şəkildə hazırlanıb. İstər komitələrdə müzakirələrdə, istərsə də məruzələr zamanı biz gördük ki, büdcə layihəsində hər şey nəzərə alınıbdır.
Ölkədə gedən iqtisadi inkişaf bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün modernləşən Azərbaycan modelinin müəllifi cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir. Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsidir, ondan ayrılmazdır. Bilirik ki, son illər dünya çox böyük qlobal iqtisadi-maliyyə böhranı yaşayır. Bu, istər-istəməz Azərbaycana da öz təsirini göstərməyə bilməz. Amma bütün bunlara rəğmən, Azərbaycan bu dövr ərzində iqtisadi tempinə görə mənfiyə doğru yox, yalnız müsbətə doğru inkişaf etmişdir. Azərbaycan iqtisadiyyatı bu illər ərzində daim yüksəlişdə olmuşdur və bu da Azərbaycan xalqının firavan gələcəyini təmin etmək üçün kifayət qədər maddi bazanın yaradılmasına imkan yaratmışdır.
Əsaslandırılmış iqtisadi siyasət, təbii ki, o qədər də asan başa gəlmir, müxtəlif fikirlər səslənir. Amma o fikirlərin heç birində bu rəqəmlərin təhlilinə, dünyada gedən proseslərlə qarşılıqlı nisbətdə bu məsələlərin öyrənilməsinə və əsaslı, nəyi necə və yaxşı etmək üçün bir arqumentli təklifə, təəssüf ki, rast gəlmirik. Amma bu gün istər maliyyə nazirinin, istərsə də iqtisadi inkişaf nazirinin məruzələrindən və eyni zamanda, Hesablama Palatasının rəyindən görürük ki, nəinki əvvəlki illərin, gələcək illərin də nailiyyətlərini proqnozlaşdırmağa və bunun əsasında elmi əsaslara söykənən bir büdcəni hazırlamağa nail olunmuşdur.
Bir neçə misal demək istərdim. Bu illər dünyada baş verən təbii fəlakətlərdən Azərbaycanda da olub. Sel daşqınları olub, insanlarımız böyük əziyyət çəkiblər. Amma ölkənin apardığı siyasət, müvafiq icra qurumlarının əlaqəli işi, hazırlıq səviyyəsi nəticəsində Azərbaycanda bir nəfər də olsun insan tələfatına yol verilmədi. Amma biz daim mətbuatdan, televiziyadan görürük ki, hətta dünyanın inkişaf etmiş ölkələrində təbii fəlakət nəticəsində onlarca insan tələf olur. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı elə möhkəmlənib, onun büdcəsi elə düzgün əsaslarla hesablanıb ki, qısa müddətdə təbii fəlakətin aradan qaldırılması üçün dövlət büdcəsindən kifayət qədər məqsədyönlü vəsaitlər ayrılır, o insanlar üçün dövlət hesabına yeni binalar tikilir və onların rahat həyatı təmin edilir. Demək olar ki, bu gün artıq Azərbaycanda bir dənə də olsun qaçqın şəhərciyi qalmamışdır. Onlar üçün Dövlət Neft Fondunun hesabına yeni evlər, xəstəxanalar, məktəblər tikilib, müasir qəsəbələr salınıb.
Regionların inkişafı üçün böyük işlər görülür. Misal üçün, atəşkəs xəttində yerləşən və artıq 93 min əhalisi olan Ağdamın Quzanlı qəsəbəsində qısa müddət ərzində üç böyük xəstəxana tikilib və tibbi avadanlıqla, kifayət qədər yüksək ixtisaslı kadrlarla təmin olunub. Eyni zamanda, elə xəstələrimiz var ki, onlara dövlət tərəfindən milyonlarla manat dəyərində pulsuz dərmanlar təyin olunur. Əlbəttə, bunlar ölkədə aparılan iqtisadi siyasətin nəticəsidir və bu siyasət büdcədə özünü aydın göstərir. Mən əminliklə bildirirəm ki, biz bu büdcəni təsdiq etməklə Azərbaycanda gedən iqtisadi inkişafa, yüksəlişə bir daha öz töhfəmizi vermiş olarıq. Deputat həmkarlarımı bu büdcə layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Bəxtiyar müəllim. Buyurun, Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası hökumətinin çox hörmətli üzvləri! Əvvəlcə qeyd etmək istəyirəm ki, təqdim olunan büdcə zərfinə daxil olan sənədlər “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun olaraq çox yüksək səviyyədə, peşəkarcasına hazırlanmışdır və biz ildən-ilə Azərbaycanın dövlət büdcəsinin təqdimatında müxtəlif xarakterli yenilikləri görməkdəyik.
Hər bir ölkədə büdcə onun iqtisadiyyatının rəqəmlər formasında ifadəsidir. Büdcənin təqdim olunan sənədlərində biz çoxsaylı rəqəmləri görməkdəyik və bu rəqəmlərin hər biri Azərbaycanın sosial-iqtisadi inkişafını xarakterizə etmək üçün kifayətedicidir. Qeyd edim ki, istənilən ölkədə inkişafın göstəriciləri ümumi daxili məhsulun, sənaye məhsulu istehsalının, kənd təsərrüfatı məhsulu istehsalının artımı və digər göstəricilərdir.
Burada hörmətli nazirlər çıxış etdilər və təqdim olunan büdcəni geniş şəkildə xarakterizə etdilər. Ona görə də deyilənləri təkrar etməyə o qədər də ehtiyac yoxdur. Ən əsası odur ki, Azərbaycanın 2011-ci il dövlət büdcəsi bir tərəfdən investisiya yönümlüdür, digər tərəfdən isə sosialyönümlüdür. Yəni investisiya proqramlarının geniş şəkildə həyata keçirilməsi ilə paralel surətdə sosial müdafiə, əhalinin aztəminatlı hissəsinin qorunması və sair kimi məsələlər də hökumətin diqqət mərkəzindədir.
Hamımız bilirik ki, ötən illər dünya iqtisadi həyatında çox böyük böhranlı vəziyyət müşahidə olundu. Hazırda da dünyanın iqtisadi inkişafı ilə bağlı təzadlı proqnozlar verilməkdədir. Bəzi proqnozlara görə, dünyada işsizlərin sayı getdikcə artacaqdır, bəzi ekspertlər isə alıcılıq qabiliyyətinin yüksələcəyi haqqında fikirlər söyləyirlər. Bilirsiniz ki, builki Nobel mükafatı təqdim olunarkən iqtisadiyyat üzrə əsas diqqət o tədqiqatlara, o alimlərə verildi ki, onlar bazar münasibətlərini, marketinq sistemini və sairəni geniş şəkildə təhlil etmişdilər. Bu gün dünyada tələb və təklifə uyğun olaraq hər bir ölkə öz iqtisadiyyatını qorumağa çalışır. Azərbaycanın iqtisadi sistemi çox ciddi şəkildə düşünülən bir proqrama istinad edir və onun həm strateji xətti, həm də taktiki addımları elmi əsaslara söykəndiyindən Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir.
Bizim bəzi opponentlərimiz belə iddialarla çıxış etdilər ki, Dövlət Neft Fondundan transfertlər edilir və sair. Əvvəla, bu və ya digər ölkə öz iqtisadiyyatında müəyyən bir elementə əsaslanır. Əgər bir ölkə böyük metallurgiya sənayesinə malikdirsə, başqa bir ölkə digər sərvətlərə sahibdirsə, təbii ki, o sərvətlərdən gələn gəlirlərdən ölkənin inkişafı üçün istifadə olunur. Azərbaycanda da Dövlət Neft Fondundan məqsədyönlü şəkildə istifadə olunur və hesab edirəm ki, atılan addımlar öz müsbət nəticələrini verir.
Bəzən deyirlər ki, ölkənin valyutası həmin ölkənin nəbzidir. Gəlin, baxın, mən deyərdim, Azərbaycan manatı, biz bölgənin lider dövləti olduğumuz kimi, lider valyutasına çevrilmişdir və bütün ətraf ölkələr üçün Azərbaycan manatı cəlbedicidir.
Burada müxalifəti təmsil edən nümayəndə çıxışında deyərdim ki, elmə, təhlilə əsaslanmayan, iqtisadi populizmə söykənən iddialar irəli sürdü. Büdcənin şəffaf olmadığı haqqında qeyri-səhih məlumatlar verdi və ictimai rəyə yanlış fikirlər çatdırmağa cəhd göstərdi. Görünür, bu cür çıxış edən həmkarlarım büdcə zərfinə daxil olan sənədlərlə ciddi şəkildə tanış ola bilməyiblər. Büdcə zərfində, təqdim olunan həmin sənədlərdə hər bir manatın hara sərf olunacağı dəqiq şəkildə ifadə olunubdur. Əgər büdcə zərfində hər bir manatın başlanğıcdan axıra qədər xərclənməsinin istiqaməti müəyyən edilibdirsə, bu zaman hansı qeyri-şəffaflıqdan danışmaq olar? Mən hesab edirəm ki, Azərbaycanda çox ciddi islahatlar aparılır və bunun nəticəsidir ki, Azərbaycan kredit almaq və kredit vermək imkanlarına görə reytinqini getdikcə artırmaqdadır. Düzgün vergi siyasəti aparılır. Aparılan bu siyasətin sayəsində ölkə inkişaf edir və buna qara yaxmaq istəyənləri isə, hesab edirəm, əhali inkar edir və inkar edəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli hökumət üzvlərinin çıxışından tamamilə aydın oldu ki, Azərbaycan Respublikasının dövlət büdcəsi ildən-ilə təkmilləşdirilmiş formada və eyni zamanda, birinci, ikinci çağırışda deyilən qüsurlar tamamilə nəzərə alınmaqla çox mükəmməl, standartlara, normalara uyğun bir şəkildə Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Çox sevindirici haldır ki, bu gün müzakirə etdiyimiz büdcə neçə gündür ki, ayrı-ayrı komi tələrdə müzakirə edilmiş, bütün deputatlar müzakirələrdə iştirak etmiş və öz irad və təkliflərini bildirmişlər.
Hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri, əgər bu gün Azərbaycanda inflyasiya yoxdursa, yəni sabit, birrəqəmli səviyyədə qalıbsa, bu o deməkdir ki, qiymətlər sabitdir. Qiymətlərin sabitliyi o deməkdir ki, insanların güzəranına, rifahına mütəmadi təsir edən amillər aradan qaldırılmışdır. Bu o deməkdir ki, dövlət, müvafiq icra strukturları tərəfindən ölkədə iqtisadiyyatın balanslı və tənzimli surətdə inkişafına böyük diqqət göstərilir.
Biz bir millətin övladı olaraq bilirik ki, Azərbaycanımızın indi bir milyondan artıq qaçqını var, Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Hazırda Azərbaycanın müdafiə məsələlərinə ayırdığı vəsait ərazimizi işğal edən Ermənistanın büdcəsi qədərdir.
Əlbəttə, dünya tərəfindən Azərbaycanın iqtisadiyyatının qəbul edilməsi və Azərbaycanla investisiya, ümumiyyətlə, karbohidrogenlərin istifadəsi üzrə müqavilələrin, sazişlərin bağlanmasına cəhdlərin göstərilməsi bir daha sübut edir ki, Azərbaycan demokratik, sabit, iqtisadi-sosial siyasət yeridən ölkələrdən biridir. Bu baxımdan da dünyanın bütün ölkələrində son iki ildə gedən sosial-iqtisadi gərginlik fonunda və qlobal böhran şəraitində Azərbaycanın büdcəsinin sosial yönümlü, investisiya yönümlü bir büdcə kimi özünü göstərməsi, hesab edirəm ki, indiki dövr üçün çox böyük nailiyyətdir. Xüsusilə də burada hökumət üzvlərinin çıxışlarında bu, geniş şəkildə göstərildi.
Mən detallar üzrə danışmaq istəmirəm, çünki vaxt məhduddur. Çox vaxt ayırmağa da ehtiyac yoxdur, çünki bayaq dedim, komitələrin birgə iclasında bunları müzakirə etmişik. Yəni son iki ildə əgər iqtisadiyyatın artımı 15 faiz təşkil edirsə, son iki ildə dünyada iqtisadiyyatın artımı yox, geriləməsi müşahidə olunursa və belə bir şəraitdə Azərbaycan iqtisadiyyatında sabit inkişaf müşahidə edilirsə, bu, Azərbaycan iqtisadiyyatının nailiyyətidir. Bu, Azərbaycanda hər bir vəsaitin, hər manatın vergi sistemi, gömrük sistemi və digər yollarla büdcəyə daxil olmasına bilavasitə göstərilən qayğının nəticəsidir. Ona görə də hörmətli deputat həmkarlarım, güman edirəm ki, biz bu gün müzakirəyə təqdim olunan büdcəyə səs versək, bu, ümumi işimizin xeyrinə olmuş olar. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. İkram İsrafil.
İ. İsrafil. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım, hökumət üzvləri və dəyərli mətbuat! Dünən komitələrin birgə iclasında mən seçildiyim Sumqayıt şəhərindəki problemlər barədə fikirlərimi söylədim və hiss etdim ki, hörmətli maliyyə naziri Samir müəllim dediklərimi qeydə alır. Mən burada hökumətin iştirak etməsindən istifadə edib bir daha bunları qısa, tezis şəklində hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm.
Bilirsiniz ki, Sumqayıt sənaye şəhəridir və burada uzun illər fəaliyyət göstərən bir çox müəssisələr artıq fəaliyyətini dayandırıb. Bu müəssisələrin fəaliyyət göstərməsi, orada çalışan insanların yenidən iş yerlərinə qayıtması üçün hökumətin maliyyə dəstəyinə ehtiyac var. Mənim araşdırmalarımın nəticəsi onu göstərir ki, bildiyimə görə, artıq 3-4 ildir, hökumətdə də bu istiqamətdə müəyyən fəaliyyət var. Amma heç bir nəticə olmadığı üçün bunu bir də təkrar demək istəyirəm.
Mən baxıram, büdcə layihəsində metallurgiya sənayesinin inkişaf etdirilməsi ilə bağlı bəndlər var. Sumqayıtda fəaliyyət göstərən “Azərboru” Açıq Tipli Səhmdar Cəmiyyətinin fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən, Müəssisələrin Sağlamlaşdırılması Fondundan 5 milyon manat civarında vəsaitin ayrılması kifayət edir ki, o müəssisə lazım olan diametrli boruları ölkə tələbatı üçün istehsal edə bilsin. “Azəralüminium” Açıq Tipli Səhmdar Cəmiyyəti fəaliyyət göstərdi və 3 ildən sonra fəaliyyətini dayandırdı. Qeyd olunduğu kimi, Gəncədə yeni alüminium zavodu tikilir və o istifadəyə veriləndən sonra bu müəssisənin fəaliyyətə başlaması mümkün olacaq. Biz də bunun daha sürətlənməsini arzu edərdik.
Bilirsiniz ki, ölkəmizdə şüşə sənayesi yoxdur. Şüşə zavodu da Sumqayıtda fəaliyyət göstərirdi, burada yerləşirdi. Orada da minlərlə insan çalışırdı. Bu gün ölkənin şüşəyə olan tələbatını rəqəmlərlə ifadə etmək istəməzdim, çünki bunun statistikası məndə yoxdur. Amma bilirik ki, ölkə daxilində şüşəyə, xüsusən pəncərə şüşəsinə böyük tələbat var. Məndə olan məlumata görə şüşə zavodunun rəhbərliyi Çin Respublikası ilə müqavilə hazırlayıb və o müqavilənin də həyata keçməsi üçün dövlət zəmanəti ilə vəsaitin ayrılmasına, o kreditin alınmasına ehtiyac var ki, Azərbaycanda şüşə sənayesi bərpa olunsun.
Hörmətli Ziyafət müəllim, hörmətli hökumət üzvləri! Dünən mən komitənin iclasında daim əlaqədə olduğum Şəki rayonunda kənd təsərrüfatının vəziyyəti barədə narahatlığımı ifadə etdim. Narahatlığım ondan ibarət idi ki, aqrolizinq yolu ilə ölkəyə gətirilən texnikaların sayında, keyfiyyətində və onların paylanmasında çox ciddi narazılıqlar var. Bu gün bir daha qeyd edirəm ki, insanlar rayonlardan Bakıya axışır, tikintidə və digər yerlərdə ailələrinə çörək qazanırlar. Demək olar ki, kənd təsərrüfatı ilə məşğul olan insanlarımız qalmayıb. Niyə? Bu gün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramovla o dediyim yerlərə getməyə hazıram. “Aqrolizinq” yolu ilə ora bir dənə texnika verilməyib. Yüz dəfələrlə müraciət ediblər. Elə qiymətlər deyirlər ki, insanlar o texnikalardan istifadə eləmək imkanlarında deyillər. Ölkəyə gətirilən gübrəni fermerlərə və fərdi torpaq sahiblərinə elə qiymətə təklif edirlər ki, bazar qiymətindən baha başa gəlir. İnsanlar o gübrələrdən istifadə edə bilmirlər, ona görə də kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi aşağıdır. Bu, büdcədə də özünü göstərir, kənd təsərrüfatında heç bir artım yoxdur. Mən bunu deməliyəm. Əli Bayramovun pulu çoxdur deyə gözü heç kəsi görmür. O dünən mənim üzərimə hücum çəkib az qala...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır, İkram müəllim, aydındır. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, hörmətli media! Hər il bizə təqdim olunan büdcə zərfi, fikrimcə, təkmilləşir. Son illər bu prosesdə yeni üsullardan istifadə olunub və bizə təqdim olunan büdcə zərfi ölkə iqtisadiyyatında gedən proseslər barəsində ətraflı məlumat almaq üçün ciddi mənbəyə çevrilib. Büdcə zərfinin hər hansı bir sahəsini diqqətlə təhlil etsək, görəcəyik ki, o, dövlətin bugünkü imkanları, gəlirləri və müəyyən bir sahə üzrə xərcləri çox ciddi nəzarətdən keçiriləndən sonra hazırlanıb.
Azərbaycan dövləti dünyada gedən çox ciddi maliyyə böhranı dövründə özünü qoruya bilib. Nəhayət, biz elə bir dövrə gəlib çıxmışıq ki, böhranın yaratdığı fəsadlardan Azərbaycan uzaqlaşa, inkişaf edə bilər.
Mən çox məmnunam ki, təqdim olunan büdcə iki istiqamətdə öz gücünü və ağırlığını göstərir. Onlardan biri büdcənin investisiya yönümlülüyüdür, ikincisi isə sosial yönümlülüyüdür. Bilirsiniz ki, bu yaxınlarda Prezidentin sərəncamı ilə şəhid ailələrinin müavinətləri, müəllimlərin, həkimlərin maaşları artırılıb. Bu böyük hadisədir. Düzünü deyim ki, büdcədə çox böyük bir təbəqənin maaşlarının 10 faiz də olsa artımı müsbət tendensiyaları nümayiş etdirir.
Bununla yanaşı, istərdim, diqqətinizi bir neçə məsələyə yönəldim. Bəzi sahələrdə islahatlar tam şəkildə başa çatmadığına görə yönəldilən böyük investisiyalar ciddi nəticələr vermir. Məsələn, səhiyyə sahəsində böyük vəsaitlər hesabına klinikaların, poliklinikaların tikilməsinə, müasir avadanlığın alınmasına baxmayaraq, ölkədə tibbi sığorta sistemi işləmədiyinə görə əhali bundan tam bəhrələnə bilmir. Mən hələ tibbi dəstəyin və müalicənin keyfiyyətinə toxunmuram. Biz səhiyyə müəssisələrinə real tibbi sığorta sistemində fəaliyyət göstərmək imkanı yarada, müvafiq təbəqələri tibbi sığorta ilə təmin eləyə bilməsək, bu istiqamətdə ciddi artıma və əhalinin sağlamlığının müdafiəsinə nail ola bilmərik.
Bilirsiniz ki, bu ildən etibarən ali təhsil sistemində müəyyən islahatlar həyata keçirilməyə başlanıb. Dövlət sifarişi ilə, yəni yetərincə bal yığmış tələbələri əldə etmiş universitetlərdə dövlət adambaşına təhsili təmin etməyə bir eksperiment olaraq başlayıb. Lakin burada da belə bir qəribə vəziyyət yaranır ki, pulsuz təhsil təmin olunan və tanınmış universitetlər xeyli tələbəni məhz pulsuz təhsilə qəbul eləyə bilir. Elə çıxır ki, pullu təhsildə hər bir tələbəyə ayrılan xərclər daha artıqdır və aşağı keyfiyyətli təhsil verən universitetlərə yaxşı universitetlərdən maliyyə dəstəyi daha çox olur. Biz istərdik ki, orta təhsildə də adambaşına yönəldilən xərclər artıq gələn illərin büdcələrində əsas istiqamətə çevrilsin, çünki bu, ölkənin gələcəyi ilə bağlıdır. Biz çox istəyirik ki, Azərbaycan dövlət büdcəsinin xərclərinin ən böyük hissəsi məhz təhsil sahəsinə yönəldilsin və biz həm ali təhsil, həm orta təhsil, həm də çox zəruri olan peşə təhsilində müvafiq islahatları maliyyələşdirə bilək.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

 
Sədrlik edən. Sağ olun, Asim müəllim. Əli Məsimli, buyurun.
Ə. Məsimli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, media mənsubları, xanımlar və cənablar! 2011-ci ilin büdcəsi, birincisi, qlobal maliyyə böhranının təsiri nəticəsində yaranmış risklər nəzərə alınmaqla tərtib edilib. İkinci, bu büdcə makroiqtisadi sabitliyin qorunub saxlanılmasına xidmət eləyə bilər. Üçüncü isə artıq Azərbaycan büdcəsinin 4 il bundan qabaq olduğu kimi, 77, 88 faiz artımı mərhələsi arxada qalıb və makroiqtisadi artıma sinxronlaşdırılmış, uyğunlaşdırılmış bir vəziyyətdə tərtib olunub. Onun gəlir və xərcləri 4 faizin ətrafında artacaq. Ona görə də bu büdcədə bir sıra məqamların nəzərə alınmasını vacib hesab edirəm.
İlk növbədə hər şeydən əvvəl büdcə vəsaitinin özündən səmərəli istifadə edilməsi, büdcə vəsaitinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində işlər sürətləndirilməli və bu nöqteyi-nəzərdən büdcə strategiyası hazırlanmalıdır. Bundan sonra bir neçə ilin büdcəsi də təqribən 2010, 2011-ci ilin büdcələrinə oxşadığına görə üç illik büdcə təcrübəsinə də keçmək olar. Eyni zamanda, Maliyyə Nazirliyinin strukturunda son illər aparılmış mütərəqqi dəyişiklikləri tamamlamaqdan ötrü Dövlət maliyyə nəzarəti haqqında qanunun da qəbul edilməsinin sürətləndirilməsini vacib hesab edirəm.
İkinci, büdcənin vəsaiti artıq sürətlə artmadığına görə büdcə vəsaitinin özünün strukturunun təkmilləşdirilməsi istiqamətində addımların atılmasını vacib hesab edirəm. İlk növbədə bu, büdcədə paritetlərə yenidən baxılmasını, infrastruktur layihələrlə yanaşı, iqtisadiyyatın modernləşməsinə, innovasiyalı inkişafa, informasiya-kommunikasiya texnologiyalarına, regional inkişafa, kənd təsərrüfatına və onunla bağlı sahələrin inkişafına dövlət dəstəyinin gücləndirilməsini tələb eləyir. Amma bunun ağırlığını büdcənin üzərinə atmaq olmaz. Ona görə ki, büdcə artıq sürətlə artmayacaq. Ona görə də özəl, yerli və xarici investisiyalardan və bank kreditlərindən də istifadənin bura daxil edilməsini və Azərbaycanda Aqrar Kredit Təşkilatının bazasında çox güclü bir aqrar-sənaye bankının, digər münasib bir bankın bazasında isə innovasiyalı inkişaf bankının yaradılmasını təklif edirəm. Azərbaycanın innovasiyalı inkişaf relsinə, bir də, kənd təsərrüfatı sahələrinin sürətli inkişafına nail olmaqdan ötrü iki qoşa qanadı inkişaf etdirmək lazımdır.
Eyni zamanda, 2011-ci ilin və sonrakı illərin büdcəsinin 2009–2013-cü illərin ikinci regional inkişaf proqramı ilə əlaqəsi gücləndirilməli, rayon mərkəzlərinin problemlərinin həlli, rayon mərkəzlərinin abadlaşdırılması, kəndin problemlərinin həlli kəndin abadlaşdırılması işləri ilə tamamlanmalı və bir-biri ilə əlaqəli getməlidir.
Təhsil sisteminin maliyyələşməsi sahəsində gələn il atılacaq mütərəqqi addımlar davam etdirilməlidir. Bizim hazırladığımız və artıq təqdim elədiyimiz Təhsil kreditləri haqqında qanunun qəbulunun sürətləndirilməsini və 2011-ci ilin büdcəsinin ehtiyat vəsaitləri hesabına müəyyən vəsaitlərin də burada nəzərə alınmasını vacib hesab edirəm.
Büdcənin mühüm hesab elədiyim məqamlarından biri ondan ibarətdir ki, hökumət öz sosial öhdəliklərini yerinə yetirirmi? Bu nöqteyi-nəzərdən yanaşanda görürük ki, sosial sahəyə ayrılan vəsaitlərin artım tempi büdcənin artım tempini üç dəfə üstələyir. Amma bu, hələlik müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət sahəsində çalışanların maaşlarının orta əmək haqqına çatmasına imkan vermir. Ona görə də sadaladığım həmin kateqoriyaya aid olan işçilərin əmək haqlarının orta əmək haqqına çatdırılması işinin sürətləndirilməsi vacibdir. Həm də ipoteka krediti sisteminin genişləndirilməsini, şərtlərinin yumşaldılmasını, xüsusən bunun regionlara doğru inkişaf etdirilməsini, gənc ailələrə təqdim olunan ipotekanın davamlı xarakter almasını da vacib hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Buyurun, Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli hökumət nümayəndələri! Hesab edirəm ki, bu gün Milli Məclisdə müzakirəyə çıxarılmış Azərbaycan Respublikasının 2011-ci ilin dövlət büdcəsi sənədi Azərbaycanda son illərdə cərəyan edən, hamımızın diqqətlə izlədiyimiz və müşahidə etdiyimiz iqtisadi və sosial inkişafın başlıca istiqamətlərini və meyllərini düzgün əks etdirir. Hər bir büdcə ölkənin iqtisadi mənzərəsini yaratmaq və gələcək iqtisadi inkişaf üçün bünövrə hazırlamaq kimi funksiyaları yerinə yetirir.
Əminliklə qeyd eləmək istəyirəm ki, indiki büdcə bir yandan Azərbaycanın sosial və iqtisadi mənzərəsini düzgün əks etdirir, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin başlıca hədəflərinin əldə olunmasına bilavasitə köməkliyini göstərir, ikinci bir yandan bu büdcə Azərbaycanın bundan sonrakı iqtisadi və sosial inkişafı üçün çox əlverişli, etibarlı bir bünövrənin yaradılmasına xidmət edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın son illərdə və xüsusilə də dünya maliyyə böhranı dövrünə təsadüf edən iqtisadi inkişafı həm də Azərbaycanda insanların rifahının yaxşılaşdırılması, ölkənin sosial inkişafı üçün də etibarlı əsas yaratmışdır. Bu mənada büdcəni tənqid eləməyə cəhd göstərən müxalifət nümayəndələrinin əsassız olduqlarını vurğulamaq istəyirəm.
Qeyd eləmək istəyirəm ki, mütəmadi olaraq Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində iqtisadi inkişafın əldə olunması sosial inkişafı da təmin etmiş olur. Bu il ərzində Azərbaycanda büdcə təşkilatlarında çalışanların əmək haqqının 10 faiz artırılması təkcə 10 faizdə ifadə olunmur, çünki bundan bir il əvvəl də büdcə təşkilatında çalışanların, o cümlədən də müəllimlərin, səhiyyə sahəsində işləyənlərin maaşlarının təxminən 25–30 faiz civarında artırılması həyata keçirilən iqtisadi siyasətin bilavasitə nəticələridir. Mən belə hesab edirəm ki, iqtisadi inkişaf sosial inkişaf və sosial problemlərin həll olunması üçün əlverişli bir mühit yaradır.
Digər tərəfdən, burada investisiya siyasətinin də tənqidi cəhətləri göstərildi. Onu da demək istəyirəm ki, Azərbaycanda həyata keçirilən böyük investisiya layihələri, eyni zamanda, sosial layihələrdir. Çünki bu layihələrin həyata keçirilməsi çoxlu sayda iş yerlərinin açılmasına, insanların buraya cəlb olunmasına, Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılmasına bilavasitə köməklik göstərir.
Mən burada xüsusilə Azərbaycanda neft və qeyri-neft sahələrində nisbətin tarazlaşdırılması və qeyri-neft sektorunun sürətli inkişafı meyllərini ayrıca vurğulamaq istəyirəm. Mən həm də büdcənin və bütövlükdə ümumi daxili məhsulun ümumi kütləsinin formalaşmasında xidmət sahəsinin xüsusi çəkisinin əhəmiyyətli olmasını və bunun artması meylini ayrıca vurğulamaq istəyirəm. Mən xüsusilə büdcədə təhsilin inkişaf etdirilməsi üçün ayrılan dövlət vəsaitinin artırılmasını ayrıca qeyd eləmək istəyirəm. Ona görə ki, bunun özü Azərbaycanın dövlət büdcəsinin nə dərəcədə təhsil yönümlü, sosial yönümlü və Azərbaycanın gələcək inkişafına yönümlü olduğunu ortaya qoyur.
Əlbəttə, hər bir büdcənin müxtəlif parametrləri ilə əlaqədar fikirlər səsləndirmək mümkündür. Mən güman edirəm ki, 2011-ci ilin büdcəsi Azərbaycanın müasir və gələcək inkişafını düzgün əks etdirən çox əhəmiyyətli iqtisadi sənəddir.
Bununla yanaşı, mən bir-iki təklifimi də qeyd etmək istəyirəm. Təkliflərimdən biri ondan ibarətdir ki, Azərbaycanın regionlarının iqtisadi və sosial inkişafı sahəsində son illərdə çox ciddi irəliləyişlər əldə edilib. Amma yenə də regionların dotasiya əsasında fəaliyyət göstərməsi praktikası saxlanılmaqdadır ki, bu yaxşı və pis işləyən regionları bir-birindən fərqləndirməyə və bütövlükdə ölkədəki ümumi iqtisadi inkişafın sürətini artırmağa müəyyən problemlər yaradır. İkinci, Azərbaycanda ixrac edilmək üçün nəzərdə tutulan istehsal sahələrinin təşviq edilməsi naminə xüsusi vergi mühitinin yaradılmasını təklif edərdim ki, bu da yüksək texnologiyalı sahələrin inkişafına kömək edərdi. Bütövlükdə mən büdcəni çox dəyərli hesab edirəm və millət vəkillərini onu qəbul eləməyə səsləyirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Sabir Rüstəmxanlı, buyurun.
S. Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli hökumət üzvləri və mətbuat nümayəndələri! Mən də hesab edirəm ki, 2011-ci ilin dövlət büdcəsi kifayət qədər peşəkarlıqla hazırlanıb və Məclisə də yüksək səriştə ilə təqdim olundu. Büdcənin məziyyətləri və üstün cəhətləri haqqında çox danışıldı. Bu barədə komitələrin müzakirələrində də deyilib. Mən səslənən fikirləri təkrar eləməməklə bəzi qeydlərimi qısaca çatdırmaq istəyirəm. Qeydlərimin bir hissəsi sualdır. Onları vermək istəyirdim, amma vaxt olmadı.
Birinci sualım bəlkə kimə isə texniki görünə bilər, amma mənim üçün ciddi məsələdir. Nəyə görə büdcədə rayonların düzülüşü köhnə sovet dövründən qalma kiril, yəni rusların əlifbasına uyğun aparılır? Latın qrafikalı Azərbaycan əlifbası bu gün “a”, “b”, “c”, “ç” ilə başlanır, “z” ilə bitir. Burada “a”, “b”, “q” köhnə kiril əlifbasının düzülüşüdür. Müstəqil dövlət 18 ildə bu səhvi hələ düzəldə bilməyib.
Sonra, büdcənin xərclənməsində qeyri-müəyyən terminlər və paralelizmlər adamı çaşdırır. Bir də sual vermək istəyirdim ki, bunları necə izah eləmək olar? Məsələn, büdcədə belə terminlər var: “sair xərclər”, “digər xərclər”, “digər müxtəlif xərclər”. Qeyri - müəyyəndir, “sair” elə “digər” deməkdir. Bunların arasındakı fərq nədən ibarətdir? Bu anlaşılmazlıq istər-istəməz kifayət qədər şəffaf olan büdcənin üzərinə şübhə salır. Çox istərdim ki, əlaqədar nazirliklər buna fikir versinlər.
“Təqaüdlər”, “təqaüd” ümumi sözdür və bütün təqaüd növlərini əhatə edir. Amma bunun yanında gedir: “digər təqaüdlər”. Bu nə deməkdir? “İnventar alınması”, ardınca gedir “avadanlıq alınması”. “İnventar”la “avadanlığ”ın arasında nə fərq var? Məncə, bir fərq yoxdur. Bəlkə nazirliklər o fərqi bilirlərsə, xahiş edirəm, bizə izah eləsinlər.
Bundan əlavə başqa suallar da var. Məsələn, əhalinin sayı eyni olan rayonlar var. Necə olur, say, təsərrüfat göstəriciləri, şərait təxminən eynidir. Amma əhalisinin sayı eyni olan rayonların birinə o birisindən ikiqat artıq büdcə ayrılır. Əgər iqtisadi inkişafla bağlıdırsa, mənə elə gəlir ki, bunun hansı proqramlara ayrılması aydın göstərilməlidir. Hətta qaçqın rayonlarda da bu fərq var. Biz də müəyyən yerlərdə göstəririk ki, “Yuxarı Qarabağda”. Az qala orada tikintilər mənasında çıxır. Yuxarı Qarabağ, qaçqın rayonları, əlimizdə olmayan torpaqlar üçün belə layihələr nəzərdə tutulur ki, bu, ağlasığmazdır. Yəni bu rayonların əhalisinə yardım, onların yerləşdiyi ərazilərdə nə isə nəzərdə tutulursa, büdcədə çox aydın göstərilməlidir. İndiki variantda isə doğru deyil. İki məsələyə də münasibət bildirmək istəyirəm. Birinci, kənd təsərrüfatıdır. Bilirsiniz ki, büdcədə kənd təsərrüfatına vəsait qoyuluşu ildən-ilə artsa da, hər halda həm azdır, həm də bu sahənin inkişafı ilə bağlı konkret proqramlar yoxdur. Yol çəkilişi, məktəb, idman qurğuları, səhiyyə qurğularının tikintisi çox gözəldir, amma buna uyğun olaraq istehsalat məsələləri zəifdir.
Beş illik fəaliyyətimiz başa çatır. Bu müddətdə dəfələrlə demişəm, məsələn, Masallı və Yardımlı rayonlarının 10 kəndi əhatə eləyən, – hərəsi 5-6 kilometrlik, – yollarının çəkilişi nə vəsait istəyir ki? Bundan camaat niyə narazı olmalıdır?
Masallıda çox böyük kəndlərdən biri Qodmanda, yazmışıq, indiyə qədər orta məktəb dağılmış bir vəziyyətdədir, bunu həll eləyə bilmirik.
Sonra, büdcə layihəsində MDB haqqında elə danışılır ki, MDB sanki köhnə SSRİ-dir. Bu cür yanaşma siyasi cəhətdən doğru deyil, MDB-ni vahid iqtisadi birlik hesab etmək, onun göstəricilərinə də o cür baxmaq olmaz.
Nəhayət, mən çox istərdim ki, mədəniyyət müəssisələrinə baxılsın. Bakıda bir dənə kitabxana qalmayıb. Hamısı özəlləşdirilib, satılıb. Bakıda rus “Kitab evi” var, Azərbaycan “Kitab evi” yoxdur. Kəndlərimizdə bir dənə normal kitabxana tapmazsan. Azərbaycan kino çəkir, Bakıda bir dənə normal kinoteatr qalmayıb. Bu millətin mədəniyyətə ehtiyacı var, yoxsa yoxdur? Xahiş edirəm, gələcəkdə mədəniyyət sahələrinə digər sahələr kimi diqqət versinlər. Əgər biz israfçılıq eləməsək, Azərbaycan büdcəsi bunların hamısına şərait yaradar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Mən də gələn büdcəyə kifayət qədər geniş baxdım. Hesab edirəm, ilk baxışdaca rəqəmlərin artması və ayrılan bütün istiqamətlərə yönəldilən vəsaitlərin hamısı yaxşıdır. İqtisadi böhran şəraitindən son rakı ilk mərhələdə Azərbaycan büdcəsinin bu şəkildə forma laşması mahiyyət etibarilə həm bir millət vəkili, həm də vətəndaş kimi insana xoş gəlir. Amma təəssüfləndiyim xeyli məqamlar var, istəyirəm ki, onların hamısını qeyd eləyim və hökumət gələcək fəaliyyətində bunu nəzərə alsın.
İlk növbədə, hesab edirəm ki, büdcənin neftdən asılılığı barədə biz danışanda həmkarlarımız fərqli münasibət göstərdilər. Bu münasibəti hökumət ciddi şəkildə nəzərə almalı, yeni iqtisadi-siyasi doktrina hazırlamalı və Azərbaycan büdcəsinin neftdən asılılığına son qoyulmasının yollarını aramalıdır. Artıq Azərbaycan büdcəsinin 54 faizi bilavasitə Dövlət Neft Fondundan transferlə müəyyənləşir. Bu çox ciddi rəqəmdir və ildən-ilə artır. Azalan xətt üzrə getmir, artan xətt üzrə gedir.
Dünyada neftin davamlı, stabil qiymətinin müəyyən olun- masını və yaxud da buna olan proqnozu ehtimal hesab edi- rəm. Deyilən səviyyədə deyil, fərqli nəticələr verə bilər və Azərbaycan dövlət büdcəsi də bundan çox ciddi zərər çəkər. Bundan sonrakı illərin büdcələrində Dövlət Neft Fondundan transferlərin miqdarı azalmalı, nəticə etibarı ilə vəsait qoyu- luşu xərclənən sahələr Azərbaycan dövlət büdcəsinə ciddi artımlar gətirməlidir. Dövlət bu istiqamətdə ciddi bir plan ortaya qoyacaqsa, nəticə etibarı ilə gələcək illərdə Azərbay- canın sürətli inkişafından və regiondakı yerindən çox asan- lıqla danışmaq mümkündür.
Mən bir dəfə də büdcə müzakirə olunarkən Dövlət Neft Fondundan asılılığın başqa bir tərəfi barədə burada demişəm. Bu gün Azərbaycanın kənd təsərrüfatı rayonlarının hamısına faktiki olaraq 80 faiz göstərici ilə mərkəzləşdirilmiş qaydada büdcədən dotasiya verilir. Bu da onu göstərir ki, əslində, hökumət bütün fəaliyyətini neftdən gələn gəlirlərə bağlayıb.
İdxal, ixrac siyasətində aparılan əməliyyatlara və orada çəkilərə baxanda görürsən ki, təkcə ölkəyə olunan idxal əməliyyatlarının 15 faizindən çoxu məhz ərzaq məhsullarının təyinatına xərclənir. Təbii ki, çox böyük rəqəmdir. Bunun özünün ərzaq məhsullarının idxalındakı payı az qala 55–60 faizə çatır. Bu da onu təsdiq edir ki, Azərbaycanın ciddi ərzaq siyasəti kompleksi yoxdur. Hesab edirəm, iqtisadi doktrinanın içərisində hökumət ciddi ərzaq siyasəti kompleksi ortaya qoymalıdır.
Bir rəqəmi hökumət nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm. Təkcə gündəlik büdcədən 300 minə yaxın adam ərzaq təminatı üçün ayrılan vəsaitdən alır. Niyə hökumət bütün bu sahələrin hamısı – xüsusən kənd təsərrüfatı, yeyinti və qida sənayesi məhsulları üzrə sifarişləri yerli bazarın hesabına formalaşdırmır? Bununla, birmənalı surətdə, həm yeni iş yerlərinin açılması, həm ciddi şəkildə Azərbaycanın daxili bazarının qorunması, həm də dövlətə vergi verilməsi sistemini də təşkil edə bilər. Rayonların büdcəsinə baxırsan, büdcələrində elə rəqəmlər var ki, onları təkcə bu yerli sifarişlərin hesabına fərqli şəkildə formalaşdırmaq mümkündür.
Burada elmə, təhsilə, səhiyyəyə və sair sahələrə kifayət qədər maliyyə ayrıldığı qeyd olunur. Mən də, təbii ki, Azərbaycanda məktəb tikintisinin aparıldığını, yeni məktəblər açıldığını, kompüterləşmə, müasirləşmə sistemi aparıldığını görürəm. Hökumət, nədənsə, icra strukturu olaraq heç soruşmaq istəmir ki, məktəb müəssisələrinə bu qədər vəsait qoyulduğu halda, nəyə görə hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçid balını bu qədər aşağı salır? Təhsilin səviyyəsi bu qədər vəsait qoyuluşundan sonra niyə aşağı düşür? Azərbaycan nəyə söykənəcək? Təhsiləmi, elməmi, yoxsa neftə və neftdən qazandığı gəlirlərə? Mən hesab edirəm, bir millət ki öz gələcəyini elmə, maarifə söykəyə bilmədi, onun gələcəyini qurmaq qeyri-mümkündür. Hökumət bunu çox ciddi, birmənalı surətdə araşdırmalıdır ki, bu qədər yerlərə investisiya qoyuluşu, kənd təsərrüfatı məhsullarının istehsalına kreditlərin ayrılması, iqtisadi inkişaf sahələrinin göstəricilərini...
Sədrlik edən. Sağ olun, İqbal müəllim. Zahid Orucov, buyurun.
Z. Orucov. Cənab Sədr! Hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Biz ötən dövr ərzində belə büdcə müzakirələri apararkən əsas tezis kimi səslənmiş fikirlərin bu gün də şahidi olduq. Bu da başa düşüləndir. Əslində, hansı siyasi platformanı təmsil etməyindən asılı olmayaraq, hamının çıxışında, təbii olaraq, seçkiyə indekslənmiş bir mövqe var.
Mən hesab edirəm ki, hökumət üzvləri, həm Samir müəllim, həm də Elman Rüstəmov çox haqlı olaraq bu məqamı xüsusi vurğuladılar. Əgər biz keçmiş dönəmdə Azərbaycan iqtisadiyyatının xarici aləmlə, xarici iqtisadi sistemlə inteqrasiyasını istəyirdiksə, hətta ayrı-ayrı qüvvələr bunu tələb edirdisə, bu inteqrasiyanın özünəməxsus mənfilikləri də var. Bu da dünya iqtisadi konyunkturasında yaşanan mənfi ənənələrin, eyni zamanda, bizə sirayət etməsi, təsir göstərməsidir. Azərbaycanın dövlət başçısı da bu təsirin il yarım, iki ilə yaxın müddət ərzində qlobal iqtisadi böhran fonunda bizə də təxminən 5-6 milyard ABŞ dolları qədər ziyan vurduğunu göstərmişdir. Azərbaycan hökumətinin nümayəndələri tərəfindən qeyd olunanda ki, böhran bizdən yan keçməyib, hansı formada isə təsiri olub, bu, böyük bir qüvvənin əlində antihakimiyyət mövzusuna çevrilməməlidir.
İkincisi, mən ötən dövr ərzində parlamentin bütün iclaslarında neftdən asılılıq məsələsi söhbətlərinin şahidi olmuşam. Büdcə müzakirəsində və yaxud da hesabat dövrlərində belə mübahisələr qalxır. Sual edirəm, bəs 1992-ci ilin sonu, yəni AXC hakimiyyətinin iflasa uğraması ərəfəsində “biz neft müqavilələrini 30 iyuna təyin etmişdik, imzalayacaqdıq” deyən adamların özləri neft amilini inkar edirdilərmi? İqtisadiyyatı nəyin üzərində qururdular? Hansı platforma əsasında dağılmış sovet iqtisadiyyatını bərpa etmək istəyirdilər? Yenə də neft amili ilə. Təbii ki, onlar bütün sahələrdə çox ciddi səhvlərə, nöqsanlara və bir sıra hallarda siyasi cinayətlərə yol vermişdilər, ona görə iflasa uğradılar.
Bilmək, proqnozlaşdırmaq mümkün deyildi ki, onlar iqtisadiyyatı nə qədər neftin üzərində kökləyəcəkdilər? Bir sualım da var. Açığı, o sahənin peşəkar mütəxəssisləri var, o cümlədən burada hörmətli Natiq müəllim də əyləşibdir. Mən bilmirəm, “gələcək nəsil” deyəndə, onlar nəyi düşünürlər? Görünür, “gələcək nəsil üçün” onu gələcəyə saxlamaq mənasındadır.
Dedik ki, dağılmış iqtisadiyyatın bərpası ancaq neft vasitəsi ilə mümkün ola bilərdi. Gələcəyə saxlamaqdan ötrü, mən bilmirəm, texnogen proseslər gedirmi, yeraltı süxurlar dəyişirmi? Yəqin ki, neftin bir yerdən başqa yerə axması mümkün olmur. Bax, deyəndə ki, saxlayaq gələcək dövrə, o zaman 50 il neft bizi orada gözləyəcəkmi, ya gözləməyəcəkmi? Bu bəlkə də qeyri-iqtisadi və ya qeyri-siyasi sual oldu.
Kənd təsərrüfatı ilə bağlı bir fikir söyləmək istəyirəm. Əlbəttə ki, mən də bu sahənin inkişafını bütün başqa insanlarımız və parlamentarilərimiz kimi çox istəyirəm, çünki məşğul əhalinin 42 faizə qədəri məhz orada cəmləşibdir. Amma o sahədə istehsal olunan məhsulun ümumi daxili məhsulda və ya gəlirlərdə çəkisi, demək olmaz ki, yüksəkdir. Mən bunun bircə səbəbini çox açıqlığı ilə də göstərə bilirəm. Yəni çağırış dönəminin son iclasları olsa belə, cənab Prezident kənd təsərrüfatının əhatə etdiyi sahələri qaldırmaq üçün subsidiyalaşma və onlarla buna bənzər çox ciddi proqram müəyyənləşdirib. Subsidiyaları, çox təəssüf ki, müxtəlif quruluşlara bölünmə və sair problemlər zamanında vətəndaşlara çatdıra bilmir, hər halda nöqsanlara yol veririk. Bu, ilk növbədə, kənd təsərrüfatı sahəsi ilə məşğul olan nazirliyin vəzifəsidir.
Əmanətlə bağlı hakimiyyətin əleyhinə daim belə bir mövqenin şahidi oluruq ki, guya hamı sıravi vətəndaşın, sovet dövründə əli qabarlı zəhmət adamlarının banklara qoyduğu vəsaitin qayıtmağını istəyir, ancaq hakimiyyətdə kim isə bunun marağında deyil. Bu belə yozulmamalıdır. 2005-ci ildə 44 milyon ABŞ dolları məbləğində vəsait büdcəyə daxil oldu və ayrıca bəndlə göstərildi. Bu problem açıqlığı ilə deyilməlidir. Hörmətli Gülər xanımın keçən dəfə dediyinə bu gün ayrı mövqe göstərildi. Bəli, biz deməliyik ki, bu, çoxmillətli ölkədir. Burada 250 minə qədər digər insanlar yaşayırdılar. Onlar tərəfindən də banklara vəsait qoyulubdur. Bəs onları necə edəcəyik? Deməli, separatçı erməniyə vəsaitmi verməliyik? Sonra, qaçqın düşmüş bölgələrdən kifayət qədər saxta sənədlər peyda olubdur, bu vəsaitlər kimlər tərəfindən qaytarılmış olacaq? Cənab Sədr, mənim vaxtım sona çatır. Mən çox istəyirəm ki, Qarabağa yönəlik inkişaf proqramları ayrıca olsun, çünki bizim ən incə yerimiz oradır, oradan üzülürük. Hökumət qarşısında bütün sərhəd bölgələri ilə yanaşı, mənim təmsil etdiyim Qarabağ bölgəsinin də mühüm iqtisadi-sosial proqramları olmalıdır. Mən bu sənədə səs verəcəyəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Cənab Sədr, lütfən, çox xahiş edirəm, Elton müəllim xahiş etdi ki, o mənim yerimə danışsın. Onun da növbəsində mən danışacağam. Xahiş edirəm, bu imkanı yaradasınız. Sağ olun.
Sədrlik edən. Elton Məmmədova mikrofon verin.
E. Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Çox hörmətli həmkarıma da mənə vaxtını verdiyi üçün dərin təşəkkürümü bildirirəm. Hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadiyyatı özünün yeni dövrünə qədəm qoydu. 1990-cı ilin əvvəllərindən kəskin şəkildə tənəzzülə məruz qalan ölkə iqtisadiyyatı elə həmin 10 illiyin sonlarından başlayaraq dinamik inkişaf yolunu seçdi.
Son 5-6 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatımız daha sürətlə inkişaf etmişdir. Büdcə zərfindən göründüyü kimi, 2011-ci ildə hökumətin diqqət yetirəcəyi məqamlar regionlarda və iqtisadiyyatın qeyri-neft sektorunda yeni müəssisələr yaratmaqla iqtisadi inkişaf tempini saxlamaq, rəqabətə davamlı və ixrac yönümlü məhsul istehsalı həcmini artırmaqdır. Çox müsbət haldır ki, gələn il qeyri-neft sektoru üzrə vergi yığımını nəzərə çarpacaq dərəcədə artırmaq nəzərdə tutulur. 2011-ci ilin dövlət büdcəsinin əsas məqsədlərindən biri əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək, onlardan istifadəyə dövlət və ictimai nəzarəti gücləndirməkdir. Vəsaitlərin bölgüsündə vahid prinsiplərə nail olmaq, qeyri-neft sektorunun stimullaşdırılmasını və ixrac potensialının gücləndirilməsini, infrastruktur sahələrinin inkişafını təmin edən layihələrə önəm vermək başlıca məqsəddir.
Təqdim olunan sənəd toplusundan göründüyü kimi, 2011-ci ilin büdcə layihəsində xərclərin dövlət proqramlarının adambaşına maliyyələşdirmə prinsipləri əsasında bölüşdürülməsinə, onların sosial və investisiya yönümlülüyünə üstünlük verilir. Bu, hökumətin sosial və iqtisadi sahələrdə həyata keçirdiyi önəmli siyasətdir. Növbəti ildə büdcə gəlirlərində 5 faizə yaxın artım nəzərdə tutulur. Burada müsbət hal odur ki, qeyri-neft sektoru üzrə artım neft sektoru üzrə artımdan 7,8 faiz çox proqnozlaşdırılır. Regionların sosial-iqtisadi inkişafı, orada vergi ödəyiciləri olan yeni müəssisələrin salınması hökumətə vergi yığımlarının ərazi strukturunda müsbət dəyişikliklərin edilməsi zərurətini yaradır.
2011-ci il üçün yerli xərclər 1,3 milyard manat civarında proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 9,5 faiz çoxdur. Gələn il diqqət yetiriləcək məqamlardan biri də qəbul olunmuş dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinin tam şəkildə təminatıdır. Belə ki, büdcə xərclərinin 42 faizdən çoxu bu məqsədlərə yönəldiləcəkdir. Dövlət təhsil, səhiyyə, elm və mədəniyyət sahələrinin maliyyələşdirilməsini diqqət mərkəzində saxlayacaqdır. Burada müsbət hallardan biri bu sahələrə ayrılan büdcə vəsaitinin ümumi xərclərdə xüsusi çəkisinin 17,3 faizə çatdırılmasıdır.
Elm sahəsinə ayrılan vəsait əvvəlki illə müqayisədə 5 faiz artıqdır və bu zaman yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Qeyd edildiyi kimi, hökumət gələn il əsaslı xərcləri diqqət mərkəzində saxlayacaqdır. Bu xərclərin dövlət büdcəsində xüsusi çəkisinin 42 faizdən çox təşkil etməsi ona imkan verəcəkdir ki, qəbul olunmuş dövlət proqramlarının icrası yüksək sürətlə həyata keçirilsin, Azərbaycanın iqtisadi potensialının, ilk növbədə, qeyri-neft sektorunun sürətli artım infrastrukturunun yenidən qurulması təmin edilsin.
Dövlət büdcəsindən ayrılan xərclər, eyni zamanda, imkan verəcəkdir ki, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını gücləndirsin, ölkənin beynəlxalq, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərdə iştirakı imkanları genişlənsin. Hesab edirəm ki, 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan tədbirlərin icrası inkişaf edən Azərbaycanın iqtisadiyyatına, infrastruktura yeni keyfiyyət və artım gətirəcəkdir.
Mən müzakirəmizə təqdim olunmuş sənədləri hazırlayan bütün hökumət üzvlərinə minnətdarlığımı bildirir, onlara həm dövlət büdcəsinin icrasında, həm də çox vacib fəaliyyətlərində uğurlar arzulayıram! Ətraflı müzakirədən sonra 2011-ci il dövlət büdcəsinin qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elton müəllim. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Aydın məsələdir ki, seçki öncəsi hər kəs səs qazanmaq üçün daha çox populyar fikirlərdən istifadə edir. Çox təəssüf edirəm ki, bəzən bu fikirlər populizmə qədər gedib çıxır. Amma bir neçə ildir ki, bizim parlamentdə əmanətlərin qaytarılması ilə bağlı fikirlər dalbadal səslənir.
Bayaq hörmətli həmkarım Pənah Hüseynin “bəziləri” dediyi adam mən idim. Hesab edirəm ki, insanların incə hissləri ilə oynamaq, yaşlı, xəstə və ahıl adamların gələcəklə bağlı bir çox arzuları ilə alver etmək heç də humanist bir addım deyil. Mən digər həmkarım Zahid Orucun fikirlərinə qoşularaq, çox istəyərdim ki, bizim həmkarlarımız olmayacaq işlərdən danışmaq yox, əksinə, alternativ çıxış yollarını göstərsinlər. Mən böyük əminliklə demək istəyirəm ki, Azərbaycan iqtidarı öz xalqını heç də digər insanlardan daha az düşünmür. Bu gün əgər biz, həm Yeni Azərbaycan Partiyasından olan deputatlar, həm də bir çox bitərəf deputatlarımız tibbi sığorta, təhsilin kreditləşdirilməsi, tənha analara verilən müavinət, ahıllıq pensiyaları haqqında təkliflərimizi veririksə, bunlar, sözün əsil mənasında, insanların bir çox problemlərinin həllinə yönəlmiş məsələlərdir. Əmanətlərin qaytarılmasında Azərbaycanı gələcəkdə gözləyən bir çox problemlərdən uzaqlaşdırmaq, digər vəsaitlər hesabına xalqın problemlərini həll etmək mümkündür. Başqa cür təkliflərə dəstək vermək lazımdır. Məsələn, ahılların pensiyasına, tənha analara köməyə, təhsilin kreditləşdirilməsinə, tibbi sığortanın həll olunması məsələlərinə. Daha bir məsələ. Vaxtımızın azlığını nəzərə alaraq fikirlərimi yığcam deyəcəyəm. Mən hörmətli hökumət üzvlərinə təşəkkür etmək istəyərdim ki, onlar Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna vəsaiti 400 min manat artırıblar.
Bir çox digər vacib məqamlar da var. Bunlardan biri, şübhəsiz ki, Azərbaycanın geopolitik vəziyyəti ilə bağlıdır. Aydın məsələdir, qeyri-hökumət təşkilatlarının, təqribən ümumi götürsək, 30 milyon manatlıq büdcələri var. Söhbət ondan gedir ki, 30 milyonluq büdcələrinin cəmi 2 milyon manatı Azərbaycan dövləti tərəfindən ödənilir. Qalan vəsait xarici donorlar vasitəsilə Azərbaycandakı qeyri-hökumət təşkilatlarına çatdırılır. Mən bir neçə gün bundan əvvəl Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından soruşdum, dedilər ki, təkcə bu il bizə 1150 müraciət olub və onlar 18-20 milyon manatlıq layihə təqdim ediblər. Bu təxminən bayaq dediyim 30 milyonun üzərinə gələn bir rəqəmdir. Mən çox istəyərdim ki, bizim belə təşkilatlarımız yeni yaradılmış çox vacib bir qurum – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə çox yaxından işləsinlər. Azərbaycanın ekologiyası, təhsili, səhiyyəsi, uşaq hüquqları, qadın hüquqları və bir çox digər məsələlərlə bağlı layihələrini Azərbaycan dövləti, onun nazirlikləri ilə birgə həyata keçirsinlər. QHT sektorunda uzun müddət olan bir şəxs kimi bir məsələni təəssüflə qeyd etmək istəyirəm. 30 milyon manatlıq ehtiyacımızdan cəmi 2 milyon manatının Azərbaycan dövləti tərəfindən ayrılması ona gətirib çıxarıb ki, yerdə qalan 28 milyon manat hesabına Azərbaycana missioner təşkilatları çox ciddi şəkildə əl-ayaq açıblar. Onlar həm yeniyetmələrimizlə, həm də gənclərimizlə bağlı bir çox xoşagəlməyən layihələri həyata keçirirlər. Mən bir daha hökumət üzvlərinin nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycan xalqının normal əxlaqa söykənən gələcəyinin qarşısını alan ən böyük maneələrdən biri də bəlkə bu qeyri-hökumət təşkilatlarından fonda ayrılan həmin vəsaitlərdir. Çox istəyərdim ki, bu məsələyə diqqətlə yanaşsınlar, çünki bu həm bu günümüz, həm də sabahımızla bağlı vacib problemlərdən biridir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Gülər xanım. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli qonaqlar, millət vəkilləri və media nümayəndələri! Büdcə qanununda məni ən çox qane edən məsələ hərbi xərclərin artırılmasıdır. Təəssüf ki, büdcənin neftdən asılılığı yenə də qalır və ildən-ilə bu tələbat artır. Büdcə gəlirlərində re-gionların payı da minimum olaraq qalmaqda davam edir. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 4 milyard 420 milyon manat proqnozlaşdırılır. Bunun da, fikir verirsinizsə, 4 milyard 64 milyonu yalnız Bakı şəhəri üzrədir. Bakı şəhərini və Abşeron rayonunu bura əlavə etsək, 24 milyon 600 min manat olur. Sumqayıtın 46 milyon manatını da bura əlavə etsək, yerdə cəmi bütün Azərbaycan üzrə 290 milyon manat qalır. Bu da onu göstərir ki, Azərbaycanın bütün iqtisadi potensialı, faktiki surətdə, Bakı şəhərində təmərküzləşir. Bunun qarşısını almaq üçün hökumət iş görməlidir. Bakı şəhərində bu qədər körpülər, ötürücülər quraşdırılır, ancaq görürsünüz də, yenə hərəkət etmək mümkün deyil.
Mən vaxtilə məsələ qaldırmışdım ki regionlarda yaradılan istehsal və emal müəssisələri bir neçə il müddətinə, ümumiyyətlə, vergidən azad olunmalıdır ki, iş adamları gedib oraya investisiya yatırsınlar.
Hesablama Palatasının sədri burada söylədi ki, qarşıdakı illərdə ciddi artım gözləmək lazım deyil və çalışmalıyıq ki, büdcə vəsaitlərindən daha səmərəli istifadə olunsun.
Mən deyərdim ki, büdcə vəsaiti ilə ən çox iş görən regionlardan biri Naxçıvan Muxtar Respublikasıdır. Cənab Prezident muxtar respublikaya son səfəri zamanı da söylədi ki, Naxçıvanda görülən işlər digər bölgələr üçün nümunə olmalıdır. Bizdə bu il tikinti işlərinə 3 milyard 400 milyon manata qədər vəsait ayrılsa da, 7 rayon, üstəgəl Naxçıvan şəhərinin özü üçün cəmi 30 milyon manat nəzərdə tutulub.
Naxçıvan blokada şəraitindədir. Son illər yaxşı mənada bir meyl başlayıb. Vaxtilə Naxçıvandan Moskvaya axın vardı. İndi Rusiyaya, Türkiyəyə, Bakıya gələn insanlar işləmək üçün yenidən Naxçıvana qayıdırlar. Bu tendensiyanı artırmaq üçün biz mütləq büdcə vəsaitləri hesabına Naxçıvana investisiya qoyuluşunu artırmalıyıq. Blokada şəraitində olduğuna görə ora ayrı-ayrı iş adamları, şirkətlər investisiya yatırmaqda hələ də maraqlı görünmürlər. Bu məsələni dövlət mütləq nəzərə almalıdır. Naxçıvan Azərbaycanın qədim torpağı kimi strateji baxımdan xüsusi önəm daşıyır. Vaxtilə oraya uçan təyyarələrə biletlər 75 manata qaldırıldı, hələ 20 manat da dövlətdən alınmağa başlandı. Mən onda buna etiraz etmişdim. Naxçıvandan İstanbula 61 manata uçurlar, amma buradan Naxçıvana dediyim məbləği ödəməlisən, üstəgəl dövlətin əlavəsi də var. İndi ermənilər Xankəndinə təyyarə reysi açmaq istəyirlər. Mətbuatda, yəqin ki, hamınız oxumusunuz ki, biletin qiymətini də 45 ABŞ dolları müəyyənləşdiriblər. Bu məsələlərə də diqqət yetirməyin vaxtı çatıb.
Məni ikinci narahat edən əmanətlərlə bağlı məsələ burada qeyd olundu. Camaat gün çıxandan gün batanadək qul əməyi ilə pambıq tarlalarında, üzüm bağlarında işləyiblər. Onlar vəsaitlərini toplayıb banka qoyublar ki, qız köçürsünlər, oğul evləndirsinlər. Camaatın pulunu qaytarmaq lazımdır. Əgər kimsə burada saxta sənəd təqdim edib pul alacaqsa, bu bizim məmurların səriştəsizliyi olacaq. Mən razıyam ki, 5 nəfər haqqı olmayan insan da əlavə vəsait alsın, nəinki alın təri ilə pul qazanmış insanların vəsaitini biz qaytarmayaq. Bizdən çox-çox kasıb ölkələr ya bu vəsaiti qaytarıb, ya da onu qaytarmaqda davam edirlər. Ona görə də mən burada Pənah bəyin qaldırdığı məsələni birmənalı şəkildə dəstəkləyirəm. Hesab edirəm ki, növbəti büdcədə hökumət bunu mütləq nəzərə almalıdır.
Sonda elmlə bağlı mən bir məsələyə diqqət yetirmək istəyirəm. Bizdə elmə cəmi 8 milyon manat vəsait ayrılıb. Mən sizə deyim ki, bu çox cüzi bir vəsaitdir, onunla biz elmi inkişaf etdirə bilməyəcəyik. Bu yaxınlarda bir Rusiya vətəndaşı Mançester Universitetinin professoru Andrey Qeymlə bir müsahibə oldu. Nobel mükafatına layiq görülən alim qeyd etdi ki, Rusiya elmi ağlamalı vəziyyətdədir, onu vəziyyətdən çıxarmaq üçün yalnız pul lazımdır.
Bizdə görək nə baş verdi? Mən şəxsən Mançester Universitetinə daxil olmuş bir uşağı tanıyırdım. Ona görə Təhsil Nazirliyinə məktub yazdım ki, orada oxuması üçün şərait yaradılsın. Həmin vaxtda 1600 uşaq xarici universitetlərə daxil olmuşdu. Mançester Universiteti dünyanın ən yaxşı 20 ali məktəbinin biridir. Amma biz o kəndli balasını ora göndərmədik ki, getsin, oxusun. Mən bunu ona görə demək istəyirəm ki, əslində, 1600 uşağın hamısını göndərmək olardı. Onlara şərait yaradılmalı idi ki, gedib dünya universitetlərində oxusunlar.
Çox təəssüf ki, vaxt çatır, biz müəllimlərin, həkimlərin maaşını artıra bilməyəcəyik, əgər universitetlər, səhiyyə obyektləri özəlləşdirilməsə. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Qüdrət müəllim. Cəmil Həsənli buyursun.
C. Həsənli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Azərbaycan hökumətinin çox hörmətli nümayəndələri və Məclisin işini işıqlandıran mətbuat nümayəndələri! Bu gün 2011-ci illə bağlı büdcə sistemi müzakirə edilir. Bəri başdan demək istəyirəm ki, müzakirəyə təqdim olunan büdcə kifayət qədər peşəkarcasına hazırlanıb və büdcə gəlirləri artım tempini saxlamaqdadır. Bu müsbət tərəfdir. Büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bir-iki nümunə deyib, bəzi fikirlərimə keçmək istəyirəm.
Mən, sadəcə olaraq, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı təhsil sistemini götürmək istəyirəm. Qeyd etmək istəyirəm ki, son bir neçə ildə büdcə vəsaiti və qeyri-büdcə vəsaiti hesabına Azərbaycan məktəblərinin maddi-texniki bazasının təkmilləşdirilməsi, məktəb binalarının yenidən tikilməsi istiqamətində çox böyük uğurlar əldə edilib. Azərbaycanın məktəb fondunun 40 faizi yeniləşib ki, bu da son dərəcə müsbət bir hadisədir.
İkinci tərəfdən Təhsil Nazirliyi uzaq dağ kəndlərinə müəllimlərin xüsusi şərtlərlə göndərilməsi istiqamətində büdcə vəsaitindən səmərəli istifadə edir. Ümid edirəm ki, bütün bunlar təhsil, xüsusilə orta məktəb sisteminin qaldırılması istiqamətində müvafiq nazirliyin götürdüyü xətti doğruldacaqdır.
Oqtay müəllim, vaxt çox az olduğu üçün bir sıra fikir və mülahizələrimi hörmətli deputatlarla və hökumət üzvləri ilə qısaca bölüşmək istəyirəm. Bizə təqdim olunan büdcə sənədlərində tez-tez cədvəllər verilir, əmək haqqının, pul gəlirlərinin artırılmasından danışılır. Xahiş edirəm, bir sıra cədvəllərdə hökumət təqdim etsin ki, qiymətlər hansı formada artır? Əmək haqqının, pul gəlirlərinin artımı ilə qiymətlərin artımı arasında nəyə görə tərs mütənasiblik vardır? Cənab nazirlər, bu gün Azərbaycanda meyvənin qiyməti Rusiyanın şimal şəhərlərindəki meyvənin qiymətindən bahadır. Bir vaxtlar Azərbaycandan ora meyvə aparırdılar. Xahiş edirəm, hökumət bu məsələni nəzarətdə saxlasın.
Əmanətlərlə bağlı. Mən hörmətli millət vəkillərindən və hökumət üzvlərindən xahiş edirəm, əmanətlər məsələsini siyasi məsələyə çevirməsinlər. Əmanətlər məsələsi iqtisadi məsələdir, dövlətin vətəndaş qarşısında öhdəliklərini özündə ehtiva edir. Mən bizim iqtisadçı dostumuz Nazim müəllimlə də bu məsələni dəfələrlə müzakirə etmişəm. Dövlətin 2 milyon vətəndaş qarşısında öhdəliyi var. Bu öhdəliyi dövlət yerinə yetirməlidir.
Mən burada deputat həmkarım Zahid müəllimin fikri ilə tamamilə razı deyiləm ki, biz 200 minə yaxın erməniyə vəsait qaytaracağıq. Birinci, bu vəsait onun özünündürsə, bunu qaytarmaq lazımdır. İkincisi, Azərbaycan vətəndaşlarının vəsaitinin qaytarılmasını ermənilərdən asılı etmək olmaz. Onun da yolları var. Onu da şərt qoymaq olar ki, Ermənistan da Azərbaycan vətəndaşlarının vəsaitlərinin qaytarılmasını öz üzərinə götürsün və o halda onların vəsaiti qaytarıla bilər.
Elm xərcləri acınacaqlı vəziyyətdədir. Dəfələrlə deyilib ki, o ölkələrdə ki elmə ayrılan vəsait büdcə xərclərindən 2 faiz aşağıdır, orada elmin inkişafından söhbət gedə bilməz. Mən bir nəzəri müddəaya da öz münasibətimi bildirmək istəyirəm. Burada nazirlərimiz öz çıxışlarında səsləndirdilər və onu dəfələrlə təkrar etdilər ki, keçid dövründə yaşayırıq. Qeyd etmək istəyirəm ki, cənab Prezident ötən il Bakı Dövlət Universitetinin 90 illiyində təntənəli şəkildə bəyan etdi ki, Azərbaycanda keçid dövrü başa çatıb. Ona görə də hökumət üzvləri öz iqtisadi fikirlərini əsaslandıranda bunu keçid dövrü ilə əlaqələndirməsinlər.
Bir də kənd təsərrüfatının büdcədə xüsusi çəkisi 3,4 faizdir. Ərzaq təhlükəsizliyi haqqında sənəd qəbul edilib. Bu şəkildə, yəni ildə 1 faizlə, qiymətləri qaldırmaq hesabına həmin ərzaq təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Cəmil müəllim. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Azərbaycan tarixində ilk dəfədir ki, müstəqillik dövründə ölkədə ümumi daxili məhsul istehsalının həcminin 50 milyard ABŞ dollarından çox olacağı proqnoz edilir. 2011-ci ilin büdcəsində neftin qiyməti 1 barrel üçün 60 dollar, manatın məzənnəsi isə 1 dollar üçün 0,8 manat nəzərdə tutulubdur. Mən bu gün səhər “Evronews” proqramına baxanda xarici agentliyin verdiyi məlumata görə Nyu-York birjasında neftin bugünkü qiyməti 83,25 dollar, London birjasında isə 82 dollar idi. Bu da, görünür ki, gələcəkdə neftin qiymətinin dəyişilməsi ilə əlaqədardır. Çünki bilirsiniz ki, neftin hər barrelinin qiyməti dolların dəyişmə məzənnəsindən asılıdır.
Hörmətli Oqtay müəllim, dövlət büdcəsi sənədi hazırlanarkən dövlətin əsas strategiyası və əsas istiqamətləri əsas götürülmüşdür. Burada müvafiq olaraq büdcənin sosial və investisiya yönümlü olmasına, ölkənin müdafiə potensialının, iqtisadi gücünün artırılmasına, sahibkarlığın inkişafına dəstək verilməsinə, dövlət proqramlarının maliyyələşdirilməsinə diqqət yetirilmişdir. Belə ki, büdcə xərclərinin 33,3 faizi ancaq sosial sahəyə yönəlmişdir ki, bu da 2010-cu illə müqayisədə 1,6 faiz çoxdur.
Əhalinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiənin gücləndirilməsi sahəsində siyasi kursun davamı olaraq 2011-ci ildə büdcədən maliyyələşdirilən təşkilatlarda çalışanlara, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyinə görə “veteran” adı almış şəxslərə, məcburi köçkünlərə – yemək xərci üçün – verilən aylıq müavinətlərdən ötrü lazımi qədər maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Burada onu da qeyd etmək yerinə düşər ki, qlobal maliyyə və iqtisadi böhran zamanı bir çox dünyanın aparıcı dövlətlərində maaşların azaldılması, vergilərin artırılması və yaxud pensiyaların dondurulması bu gün bizim gözümüzün qarşısında baş verir. Bu zərərli faktların heç biri Azərbaycanda özünə yer tapmayıb. Əksinə, büdcənin imkanları daxilində maaşların, pensiyaların artırılması prosesi baş verib.
Mən Cəbrayıl rayon seçki dairəsindən deputat seçilmişəm. Seçicilərimin hamısını məcburi köçkünlər təşkil edir. Qeyd etməyi özümə borc bilirəm ki, bu ilin fevral ayında möhtərəm Prezidentimiz İlham Əliyev Ehtiyat Fondundan “Qaçqınlar və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması” Dövlət Proqramı çərçivəsində 14 milyon manat maliyyə vəsaiti ayırmışdır. Həmin vəsaitlə 700-ə yaxın məcburi köçkün ailəsi üçün nəzərdə tutulan çoxmərtəbəli yaşayış binaları inşa olunur. Bu diqqət və qayğıya görə seçicilərim adından ölkə Prezidentinə dərin təşəkkürümü bildirirəm.
Hörmətli həmkarlarımın diqqətini daha bir sahəyə – bank sisteminə yönəltmək istəyirəm. Bank sistemi iqtisadiyyatın qan damarıdır desək, yanılmarıq. Müzakirə etdiyimiz qanun layihəsində, qeyd edildiyi kimi, cari ildə fəaliyyətdə olan bankların sayı 46-dan 47-ə çatmış, ilin 5 ayı ərzində 13 yeni bank filialı fəaliyyətə başlamışdır. Bunlardan da 6-sı regionların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmanətlər 29,6 faiz və ya 567,4 milyon manat artmışdır ki, bunu da əhalinin bank sisteminə etimadının göstəricisi saymaq olar.
2011-ci ildə Azərbaycan Respublikasının icmal büdcəsinin gəlirləri 20 milyard ABŞ dollarına yaxın olacaqdır ki, bu da ölkəmiz müstəqillik əldə etdiyi zamandan bəri ən yüksək göstəricidir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, qanun layihəsi çox hörmətli həmkarlarımın dəstəyini alacaqdır.
Oqtay müəllim, məni hörmətli həmkarım Zahid Orucun bir atmacası narahat etdi. O dedi ki, məcburi köçkünlərin və qaçqınların saxta sənədləri var. Bunu Zahid Oruc sübut etməlidir, yoxsa onların ünvanına böhtan demək millət vəkilinə yaraşmır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Astan müəllim. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Dünya iqtisadiyyatında baş verən maliyyə böhranı təzə ildə aradan qaldırılsa da, bəzi dövlətlərin maliyyə sistemində hələ də sabitlik mövcud deyil. Sosial avrozonaya daxil olan ölkələrdə ümumi daxili məhsula nisbətən büdcə kəsirinin 70–80 faiz təşkil etməsi bir daha bu böhrandan xəbər verir. İnkişaf etmiş ölkələr üçün böhranın əsas təzahürlərindən, problemlərindən biri işsizlik sayılır. Amerikada 10 faizə qədər, İspaniyada 20 faiz, Almaniyada 10 faiz, avrozonaya daxil olan ölkələrdə 11 faiz işsizlik şəraiti mövcuddur və bunun hələ artacağı gözlənilir.
Azərbaycanda bu rəqəm təxminən ölkənin işlək əhalisinin 1 faizini təşkil edir. Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycanın dövlət başçısının, hökumətinin, xüsusilə Mərkəzi Bankın gördüyü tədbirlər nəticəsində dövlətimizin iqtisadiyyatı böhran illərində də öz dayanıqlığını qoruyub saxlaya bilmişdir. Azərbaycanda valyuta ehtiyatları 21 milyarddan təxminən 24 milyarda çatmışdır. Xüsusilə Mərkəzi Bankın apardığı pul-kredit siyasəti çevikliyini itirməmişdir. Faiz dərəcəsinin dəyişdirilməsi, aşağı və yuxarı həddinin 7 faiz olması, uçot dərəcəsinin 2 faizə endirilməsi, manatın ABŞ dollarına nisbətən məzənnəsinin cəmi 0,06 faiz ucuzlaşması ölkədə inflyasiyanın yüksəlməsinə imkan verməmişdir. Bütün bunlar əhalinin sosial vəziyyətinin yaxşılaşmasına gətirib çıxarmışdır. Mənim dövlət büdcəsi ilə əlaqədar bir sıra təkliflərim komitənin birgə iclasında səslənib. Amma bir sıra məsələlərə bu gün yenə toxunmaq istərdim.
Dövlət büdcəsində kəsirin yuxarı həddi 687 milyon göstərilir və onun maliyyələşdirilməsi üçün bir sıra mənbələrlə yanaşı, xaricdə qiymətli kağızların yerləşdirilməsi göstərilir. 2009 və 2010-cu ilin dövlət büdcələrində də eyni vəsaitlər nəzərdə tutulmuşdur, lakin lazımlı maliyyə dəstəyi olmadı. Təklif edirəm ki, ümumiyyətlə, maliyyə böhranı qurtarmamış qiymətli kağızların xaricdə yerləşdirilməsi məqsədəuyğun hesab edilməsin. Yalnız dünya maliyyə bazarında sabitlik tam bərqərar olduqdan sonra bu addım atılsın.
Böhran illəri sübut etdi ki, qiymətli kağızlar bazarında, – dünya qiymətli kağızlar bazarını nəzərdə tuturam, – Azərbaycanın iştirak etməməsi bizi böhrandan bir qədər sığortaladı. Hökumətin əsas səyləri daxildə qiymətli kağızlar bazarının sürətlə formalaşmasına yönəldilməlidir. Xüsusilə səhmdar cəmiyyətlərinə dividendlər verilməsinin qiymətli kağızlar bazarlarının inkişafına təsiri bir daha araşdırılmalıdır.
İkinci, vergi siyasətini daha da təkmilləşdirməliyik. Vergi borclarının alınması sahəsində bütün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini də xüsusi olaraq vurğulayıram. Dövlət müəssisələrinin, qeyri-dövlət müəssisələrinin Mərkəzi Bank tərəfindən kredit hesabına maliyyələşdirilməsini və vergi borclarının silinməsini, ümumiyyətlə, məqsədəuyğun hesab etmirəm. Bunun üçün Vergilər Nazirliyi tərəfindən yaradılmış mərkəzin daha da çevik işləməsini tələb edirəm. Çünki bu sahədə artıq faktlar var və 2010-cu ildə bu borclar 79 milyon manata yaxın azalmışdır. Çünki burada ehtiyatlar həddən artıq çox böyükdür. Əgər bu tədbirlər görülməsə, bir neçə il ərzində, faktiki olaraq, borclar dövlət büdcəsinə bərabər bir səviyyəyə gəlib çıxacaqdır.
Digər bir səbəb. 2011-ci ilin dövlət büdcəsində inflyasiyanın 5 faiz olması proqnozlaşdırılır. Amma faktlar onu göstərir ki, bu rəqəm yüksək də ola bilər. Xüsusilə qonşu dövlətlərdən Azərbaycana idxal olunan malların qiymətlərinin artması ölkəyə xaricdən, elə bil, inflyasiya idxal edir. Bunun qarşısını almaq üçün Azərbaycan idxalı azaltmalı, öz istehsalını gücləndirməlidir. Yəni inflyasiyanın, xüsusilə ərzaqla əlaqədar idxal olunan mallara görə inflyasiyanın qarşısı alınmalıdır.
Təkliflərim çoxdur. Hökumət üzvlərinin burada iştirakından istifadə edərək Quba ilə əlaqədar bir məsələni demək istərdim. Qubanın şürüşmə zonasından köçürülən 208 ailə bu gün çadırlarda və başqa yerlərdə yaşayırlar. Bu məsələ ilə əlaqədar vəziyyətdən Azərbaycanın hökumət başçısının, maliyyə nazirinin, fövqəladə hallar nazirinin xəbəri var. Bu məsələnin öz həllini tapması vacib məsələdir. Yer ayrılıb, həmin evlərin tikilməsinə başlamaq lazımdır. Çünki Qubada artıq qışdır, dağlara qar düşüb. Sürüşmə zonası da həmin dağların ətəyindədir.
Bir təklifim də ipoteka ilə əlaqədardır. Burada mənim həmkarım bunu qeyd etdi. İpoteka ilə əlaqədar maliyyə mənbəyi artırılmalı, məsələyə diqqət yönəldilməlidir. Büdcəyə səs verəcəyəm və həmkarlarımı səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun, Vahid müəllim. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən də büdcəyə səs verəcəyəm. Büdcə həm artım, həm də struktur baxımından yaxşı hazırlanıbdır. Mən də bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. Burada həmkarlarım tərəfindən bir çox fikirlər səsləndi. Onlara tərəfdaram və bir çox fikirlərə də öz münasibətimi bildirmək istəyirəm.
Birincisi, bir neçə həmkarım qeyd etdi ki, büdcə neftdən asılıdır və sair. Ölkədə neft istehsal olunur. Belə bir mövqedən yanaşmaq olar ki, bəs Hollandiyanın büdcəsi niyə güldən və pendirdən asılıdır? Yaxud da başqa bir ölkə niyə turizmdən, digəri niyə poçtdan asılıdır? Bu ölkənin istehsalının əsas strategiyasından biri budur. Azərbaycan bu gün yeganə bir ölkədir ki, neft gəlirlərinə düzgün yanaşır və infrastrukturu inkişaf etdirir.
Azərbaycanda yollar salınır, körpülər tikilir. Azərbaycanda ən müasir səviyyəli xəstəxanalar, məktəblər inşa olunur, tibb avadanlıqları alınır. Bunların hamısı Azərbaycan xalqının mənafeyinə xidmət edir. Nigeriyanın nefti bizdən 3 dəfə artıqdır, bu gün onun potensialına, oradakı iqtisadi duruma da baxaq, Azərbaycandakına da. Azərbaycanda düzgün yönəldilmiş neft strategiyası xalqın maraqlarına xidmət edir. Qalan halda hey soruşurlar ki, niyə bundan asılıdır, niyə ondan asılıdır? Dövlət planlaşdırır, deyir, bu gün budur, bundan da istifadə et. Həmkarım Zahid Oruc çox yaxşı qeyd etdi. Sən nə bilirsən sabah o neft harasa axıb getməyəcək? Tutalım, hansısa bir dövlət başqa yerdən vurub o nefti çıxarmayacaq? Münəccimliklə məşğul olmalıyıq, beynimizdə araşdırmalıyıq ki, niyə belə planlaşdırılır? Bu gün var, istifadə olunmalıdır da. Bunun hesabına xaricdə təhsil almağa tələbələr göndərilir, bunun hesabına insanlara yeni xəstəxanalar tikilir ki, müalicə olunsunlar, məktəblər tikilir ki, təhsil alsınlar və sair. Mən bu məsələyə qayıtmağa heç bir ehtiyac duymuram. Hər ölkənin özünün strateji məhsulu var, Azərbaycanınkı da neftdir. O neftdən gələn gəlirlər də Azərbaycanındır.
İkinci, elm ilə bağlı burada fikir söylənəndə, biz artıq o məsələni həll etməliyik. Elmlə təhsil ayrı-ayrılıqda ola bilməz. Təhsillə elm bir yerdə olmalıdır. Bu, Nikolaydan, sovetdən qalma bir şeydir. Akademiya, onun ayrı-ayrı institutlarını yaradırdılar, onlar da nəyi isə tədqiq edirdilər və sair. Alimlər tədris müəssisəsində olmalı, həm öyrətməli, həm də elmi yenilik əldə etməlidirlər. Orada, institutda elmi nəzəriyyə ilə məşğul olur, elmi nəzəriyyəni yaradırlar. Burada da tədris gedir və saat hesablı bir adam olur professor. Bu adam hansısa institutun, universitetin professoru olmalıdır. Dünyada bu da mövcuddur ki, heç bir institutda, heç bir elmi tədqiqat müəssisəsində iştirak eləməyən olur professor, akademik. Nəyin akademikidir, kimin akademikidir, haranın akademikidir? İstəyirsiniz, o akademiyaya büdcəni bağlayın, xeyri yoxdur, oradan heç bir şey əldə etmək mümkün olmayacaqdır. Çünki onun sistemi elə qurulub. Elmi sistem təkmilləşdirilməlidir.
Burada bir sahəni də mən xüsusi qeyd eləmək istəyirəm. Mədəniyyətlə bağlı bəzi məsələləri qeyd elədilər. Bu gün Azərbaycanda mədəniyyətə çox böyük diqqət var. Teatrların, muzeylərin binaları yüksək səviyyədə təmir olunub. Onların boş qalmasının bir səbəbi var. Səbəb ondan ibarətdir ki, lazımi əsərlər yoxdur. Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının və yaxud da Hüseyn Cavidin və digərlərinin əsərlərini bu gün ortaya qoyan yoxdur.
Mən bir şeyə toxunmaq istəyirəm. Keçən dəfə mədəniyyət nümayəndələri ilə söhbətdə də qeyd elədim. Azərbaycanı ən çox tərənnüm edən, onu tanıdan və öz-özünə yol tapan “Əli və Nino” əsəri var. Yeddi dilə tərcümə olunubdur. Bütün dünyada onu oxuyurlar. Orada ermənilərə qarşı nifrətin səbəbləri açılıb, onların törətdiyi cinayətlər təsvir edilib, azərbaycançılıq, türkçülük, islamçılıq çox gözəl, inandırıcı tərənnüm edilib. Bu günə qədər onun nə operasını yaradan, nə də səhnələşdirəni var. Ondan bir bədii, yaxud sənədli film çəkən də yoxdur. Kim əsərini yazır, elə dövlət hesabına da istəyir sırısın camaata. Xalq da o cür əsərlərə baxmağa gəlmir. “Əli və Nino”nu səhnəyə qoyun ki, xalqı da, milləti də təmsil eləsin. Artıq bu əsər özünə yer tutubdur. Kim isə dədəsindən, babasından, nəslindən, nəcabətindən əsər yazarsa, buna heç kəs gəlməyəcək. Əsər elə yazılmalıdır ki, bu gün xalqın maraqlarına xidmət eləsin. Belə bir mövqedən mədəniyyətə də diqqət göstərmək lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Fəzail Ağamalı, buyurun.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hökumət üzvləri və media təmsilçiləri! Burada çox əhəmiyyətli sənədin təqdimatı və Hesablama Palatasının rəyi birmənalı şəkildə belə qənaətə gəlməyə imkan verir ki, büdcə kifayət qədər dəqiq hazırlanıbdır. Büdcənin, deyildiyi kimi, hədəfləri, istiqamətləri bəllidir. Bu sənəd növbəti il üçün Azərbaycanı inkişafa doğru aparan, onun problemlərinin həllinə yönəlmiş olan bitkin, düşünülmüş bir siyasətin ifadəsidir. Mən də həmkarlarıma qoşularaq büdcə sənədinə öz səsimi verəcəyəm və müsbət münasibətimi ifadə edəcəyəm.
Sənədlərlə tanışlıq bir daha belə bir nəticəyə gəlməyə əsas verir ki, bu gün Prezidentimiz özünün ağıllı, müdrik, uzaqgörən siyasətini əsaslanmış olduğu dəyərlərə və biliyə söykənərək uğurla həyata keçirir. Azərbaycanın inkişafını özündə ifadə edən sənədin hazırlanmasında o öz peşəkar komandası ilə birlikdə ciddi işlər görür, Azərbaycanı irəliyə doğru aparmaq üçün bütün imkanını və potensialını birmənalı şəkildə xalqına təqdim edir.
Mən hörmətli həmkarım Siyavuş Novruzovun bu fikrinə tamamilə şərikəm ki, neft amilini siyasi alverə çevirməyə ehtiyac yoxdur. Neft amili, deyildiyi kimi, Azərbaycanın üstünlüyüdür və ondan dövlətimiz bu gün çox bacarıqla istifadə edərək özünün iqtisadi istiqamətlərini müəyyənləşdirir. Dövlət strateji xəttini həyata keçirmək üçün də bu amildən ölçülmüş-biçilmiş şəkildə yararlanır. Ən azı bir faktı demək kifayətdir ki, ötən iki ildə dünyanı bürüyən maliyyə-iqtisadi böhranından Azərbaycan modeli çox uğurla çıxdı. Bu Azərbaycan modelinin içərisində əgər neft amili varsa, deməli, siyasət doğrudur. Bu haqda başqa fikir söyləməyin özü mənasız və qərəzlidir.
Mən burada Heydər Əsədovun bir fikrini xüsusi olaraq vurğulamaq istəyirəm və ona tamamilə tərəfdaram. O söylədi ki, bundan sonra büdcənin həcmini artırmaq üçün onun səmərəliliyini gücləndirmək lazımdır. Tamamilə doğru-düzgün yanaşmadır. Mən düşünürəm ki, Azərbaycanda gələcəkdə hərbə, hərbi sənayeyə və eyni zamanda, regionların inkişafına sərf olunan investisiya istisna olunmaqla, digər xərclər azaldılmalı, əldə olunan gəlir Azərbaycanda Ehtiyat Fonduna yönəldilməlidir. Bu Ehtiyat Fondu, şübhəsiz ki, ölkədə gələcək strateji məqsədlərin həllini tənzimləməlidir.
Azərbaycan bu gün təcavüzə məruz qalan ölkədir və bizi Ermənistanla müharibə gözləyir. Ona görə də əldə olunan vəsaitin hamısını xərcləməklə, məncə, biz hər halda düzgün xətt yeritmiş olmarıq. Bu baxımdan Heydər Əsədovun fikrini tamamilə dəstəkləyirəm.
Fikirləşirəm ki, Azərbaycan artıq qazını xarici ölkələrə satır, lakin onun regionlarında hələ də qazlaşma prosesi yerinə yetirilmir. Niyə? Çünki vəsait çatmır, ayrı-ayrı yerlərə həmin xətlərin çəkilməsi üçün pul yoxdur və sair. Digər bir tərəfdən, regionların, şəhər və rayonların su və kanalizasiya sistemi bərbad vəziyyətdədir. Bu haqda düşünmək və həmin istiqamətlərə xüsusi diqqət yetirmək lazımdır. Elektrik naqilləri köhnəlib, bunlar dəyişilməlidir. Kürətrafı əraziləri əhatə edən regionlarda kompleks təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Biz hələ bundan sonra da, ola bilsin ki, təbiətin vurduğu daha sərt ziyanlar ilə rastlaşa bilərik. Bir sözlə, regionların inkişafına xüsusi diqqət yetirilməli və vəsaitlər ora yönəlməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Rafiq Məmmədhəsənov, buyurun.
R.Məmmədhəsənov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir ki, Azərbaycanda bütövlükdə bu il də, keçən ildəki kimi, uğurlu iqtisadi inkişaf davam etmişdir. Baxmayaraq ki, keçən il maliyyə və iqtisadi böhran dünyada gedən proseslərə çox güclü təsir göstərmişdir. Azərbaycanda 2009-cu ildə iqtisadi inkişaf baxımından çox yüksək göstəricilər əldə olunmuşdur. 2010-cu ildə də bu müsbət meyllər davam etmişdir və iqtisadiyyatımızın bütün sahələrində inkişaf, tərəqqi var. Bu rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi islahatlar düzgün istiqamətdə aparılır.
Hörmətli deputatlar, hesabatla tanış olandan və məruzələrə qulaq asandan sonra belə qənaətə gəldim ki, ölkəmizin iqtisadi və sosial həyatında müşahidə olunan inkişaf 2010-cu ildə də davam etmişdir. Respublikamız inkişaf sürətinə görə öncüllər sırasında olmuşdur.
2011-ci ilin büdcə layihəsində də elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə ayrılan vəsait kifayət qədərdir. Onunla göstərilən sahələrdə çalışan insanların əmək şəraitinin yaxşılaşdırılması, çoxlu sayda müasir tipli yeni məktəblərin tikilib istifadəyə verilməsi, regionlarda Avropa standartlarına uyğun müalicə-diaqnostika mərkəzlərinin tikilib vətəndaşların istifadəsinə verilməsi mümkündür.
Cari ildə təhsil və səhiyyə sahəsində dövlət proqramlarının yerinə yetirilməsi davam etdirilmişdir. Səhiyyə xidmətini yaxşılaşdırmaq məqsədi ilə 9 dövlət proqramının yerinə yetirilməsi çərçivəsində bir sıra mühüm işlər həyata keçirilmişdir. “Şəkərli diabet üzrə Dövlət Proqramı” çərçivəsində aparılan tədbirlər nəticəsində bu xəstələrin aşkar edilməsi prosesləri xeyli yaxşılaşdırılmışdır. Xəstələr pulsuz dərmanlarla və qlukomerlərlə təmin olunmuşdur. “Şəkərli diabet üzrə Dövlət Proqramı” MDB-də ilk dəfə Azərbaycanda həyata keçirilmişdir. Bundan digər MDB dövlətləri model hüquqi sənəd kimi istifadə edirlər. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, səhiyyə ilə bağlı dövlət proqramlarının həyata keçirilməsində, xüsusilə talassemiyadan əziyyət çəkən xəstələrə yardım çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın böyük səyləri, real işlər görməsi göz önündədir. “Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın maliyyə təminatı ilə bağlı layihədə ilk dəfə olaraq xərclər nəzərdə tutulmuşdur. Bu da yeni bir iş deməkdir.
Bu ilin oktyabr ayında Tibb Universitetinin Tədris və terapevtik klinikasının açılışında Prezident cənab İlham Əliyev və millət vəkili Mehriban xanım Əliyeva şəxsən iştirak etmişlər. Qeyd etmək lazımdır ki, klinikamızın özülünün qoyulmasına da cənab Prezidentin gəlişini unutmamışıq. 3 il ərzində tikilən klinika müasir tibb avadanlıqları ilə təmin olunmuşdur. Hazırda Universitetin cərrahiyyə klinikasının tikintisi gedir. Bu da Prezidentimizin təhsilə, səhiyyəyə və ölkə vətəndaşlarına olan qayğısının bariz nümunəsidir.
Hesabat barəsində müsbət fikirlər çox söyləmək olar. Reqlamenti nəzərə alaraq sonda demək istəyirəm ki, hesabat sanballı hazırlanmışdır. Büdcə sosial yönümlüdür və onun qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Rafiq müəllim. İsa Həbibbəyli, buyurun.
İ. Həbibbəyli. Möhtərəm Sədr, hörmətli hökumət üzvləri! Bu gün Milli Məclisin müzakirəsinə çıxarılan dövlət büdcəsi, hər şeydən əvvəl, ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda məqsədyönlü şəkildə həyata keçirilən islahatların real nəticələrini, konkret istiqamətlərini və perspektivlərini özündə dolğun şəkildə əks elətdirir. Parlamentdə geniş şəkildə müzakirə olunan dövlət büdcəsi Azərbaycanın son illərdəki sosial-iqtisadi inkişafının yüksək sürəti barədə aydın təsəvvür yaradır.
Dünyada qlobal böhranın hələ tamamilə aradan qalxmadığını nəzərə alsaq, belə bir çətin şəraitdə ölkəmizin sosial-iqtisadi inkişafı yüksək göstəricilərlə irəliyə doğru getməkdədir. Bu da büdcə qanunu ilə ölkəmizdə olan inkişafı bütün yönləri ilə Azərbaycan cəmiyyətinə təqdim etməyə əsas verir. Büdcənin sosial yönümlülüyü, illərdən bəri olduğu kimi, gələn il də davam etdiriləcəkdir. Bu sənəd Azərbaycan dövlətinin və möhtərəm Prezidentimizin fəaliyyətində insana, vətəndaşa qayğını, sosial rifahın ön mövqedə dayandığını bir daha nümayiş etdirir. Büdcədə investisiya xərclərinin bu il nəzərə çarpacaq səviyyədə üstün istiqamətdə artırılması ölkədə davamlı inkişafın təmin olunmasına bir daha təkan verəcəkdir. İnvestisiya xərclərinin ölkəmizdə bundan əvvəlki illərdə olduğu kimi, möhtərəm Prezidentimiz tərəfindən müəyyənləşdirilən və illərdən bəri ardıcıl həyata keçirilən konkret proqramlar üzrə 2011-ci ildə də inkişaf etdirilməsi təmin ediləcəkdir.
Mən burada bir təklifimi də nəzərə çatdırmaq istəyirəm. Bakıdan Naxçıvana uçan təyyarə reyslərində olan hava gəmiləri həddindən artıq köhnəlmişdir. Bunların istismar müddəti çoxdan başa çatmışdır. Bu istiqamətdə indiyə qədər ara-sıra tətbiq olunan “AT” tipli təyyarələrin “Bakı–Naxçıvan” kimi uzun məsafəli reyslər üçün yararlı olmadığı aydın oldu. Üstün səviyyədə olan 2011-ci ilin dövlət büdcəsi, hesab edirəm ki, bu reys üçün, nəhayət, yeni təyyarələrin alınmasına imkan verə bilər. Mən xahiş edirəm, bunlar nəzərə alınsın.
Bütövlükdə bu gün müzakirəyə çıxarılan, Azərbaycan cəmiyyətinə təqdim olunan dövlət büdcəsi dövlətimizin dünyadakı böyük nüfuzunu, iqtisadi-inkişaf səviyyəsini aydın şəkildə əks etdirir. Büdcə layihəsinə qürur hissi ilə səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bugünkü müzakirələrdə 24 millət vəkili iştirak etdi. Hesab edirəm ki, sabah, günün birinci yarısında gündəliyin 1-ci məsələsinin müzakirələrini qurtara bilər və digər məsələyə keçərik. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda sabaha kimi fasilə elan edirəm. Sabah iclasımızı davam etdirərik. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi