2011-ci il 18 mart tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ

PROTOKOLU № 11

Milli Məclisin iclas salonu.
18 mart 2011-ci il
.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Nuşirəvan Məhərrəmov, Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri.
Zaur Babayev, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
Əli Cəfərov, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
Aqil Dadaşov, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
Muxtar İmanov, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
Cahangir Məmmədli, Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizəd.
Kamran Əliyev, Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi.
Elşən Məmmədəliyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.
2. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Məhkəmələr və hakimlər haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

2. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Nizami Cəfərov, Fazil Mustafa, Qənirə Paşayeva, Fəzail Ağamalı

Təklif: Aqil İsaq oğlu Dadaşov İctimai Televiziya və RadioYayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin

Səsvermənin nəticələri (saat 12.21 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Təklif: Əli Səfər oğlu Cəfərov İctimai Televiziya və RadioYayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin

Səsvermənin nəticələri (saat 12.21 dəq.)
Lehinə 22
Əleyhinə 50
Bitərəf 5
Səs vermədi 0
İştirak edir  77
Nəticə: Yetərsay yoxdur

Təklif: Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və RadioYayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin

Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 99
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Təklif: Cahangir Əbdüləli oğlu Məmmədli İctimai Televiziya və RadioYayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 100
Əleyhinə 4
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Təklif: Zaur Kamal oğlu Babayev İctimai Televiziya və RadioYayımları Şirkəti Yayım Şurasının üzvü seçilsin

Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 15
Əleyhinə 54
Bitərəf 10
Səs vermədi 1
İştirak edir  80
Nəticə: Yetərsay yoxdur

3. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Valeh Ələsgərov, Astan Şahverdiyev

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

5. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

6. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  93
Nəticə: Qəbul edildi

7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Azay Quliyev, Elmira Axundova, Aqil Abbas, Siyavuş Novruzov, Adil Əliyev, Qənirə Paşayeva

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir  95
Nəticə: Qəbul edildi

8. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Vahid Əhmədov, Siyavuş Novruzov, Rövşən Rzayev, Zahid Oruc, Çingiz Qənizadə, Kamran Əliyev

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

9. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi


 
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.ƏSƏDOV


 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

18  mart  2011-ci  il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin
Sədri O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar. İlk öncə, icazə verin, sizin hamınızı qarşıdan gələn gözəl Novruz bayramımız münasibətilə ürəkdən təbrik edim, hamınıza can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayım! (Alqışlar.)
Sədrlik edən. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 102
Yetərsay  83

Çox sağ olun, yetərsay var.
İndi xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, çoxluğun təklifini nəzərə alaraq müzakirəsiz başlayaq.
Gündəliyin birinci məsələsi İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqındadır. Nizami Cəfərov buyursun.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, Milli Məclis “İctimai televiziya və radio yayımı haqqında” ayrıca bir Qanun qəbul edibdir. Həmin qanuna görə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində vaxtaşırı, yəni qanunauyğun olaraq dəyişikliklər həyata keçirilməlidir. Bu dəyişikliklərdən biri 6 il müddətinə seçilən üzvlərin dəyişdirilməsi məsələsidir. Bununla bağlı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurası hörmətli cənab Sədrin ünvanına məktublar göndərib və namizədlər irəli sürüb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Aqil İsaq oğlu Dadaşovun, Əli Səfər oğlu Cəfərovun, Azərbaycan Milli Elmlər Akademiyası filologiya elmləri doktoru, professor Muxtar Kazım oğlu İmanovun, Mətbuat Şurası professor Cahangir Əbdüləli oğlu Məmmədlinin və Zaur Kamal oğlu Babayevin namizədliklərini irəli sürüb. Deməli, Milli Elmlər Akademiyası tərəfindən bir namizəd irəli sürüldüyünə görə o, səsverməyə tək buraxılır. Amma Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Mətbuat Şurası iki namizəd irəli sürüblər və onlardan bir nəfər seçilməlidir.
Bununla yanaşı, mən bir məsələni qeyd eləmək istəyirəm. Həqiqətən, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması respublikamızın ictimai-mədəni həyatında çox böyük bir hadisə oldu və o, qısa bir müddətdə kütləvi informasiya vasitələri sistemində öz yerini tutdu. Şirkətin özünəməxsus verilişlər, proqram siyasəti var. Ən müxtəlif məsələlər burada öz əksini tapıb. Burada məzmunlu, keyfiyyətli verilişlər hazırlanır. Bu baxımdan biz həm İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyindən, həm də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin fəaliyyətindən xeyli dərəcədə razıyıq. Amma televiziya və radio işi çox mürəkkəb, daim dəyişən, təkmilləşən bir işdir. Bu mənada elə bilirəm ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin potensialı da, imkanları da xeyli genişdir və hələ reallaşdırılmamış imkanları da var.
Əminik ki, namizədliklərini müdafiə etdiyimiz üzvlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin bundan sonra daha da inkişaf etməsinə çalışacaqlar. Azərbaycanın ictimai həyatının dünyaya tanıdılmasının ən müxtəlif yolları var. İnanırıq ki, onlar bundan istifadə edəcəklər və həqiqətən də, edirlər. Xüsusilə biz İctimai Televiziyanın son zamanlar Türkiyə və türk dünyası ilə ortaq verilişlər aparmasını, eləcə də Avropanın bir sıra ölkələri ilə veriliş mübadilələrini çox təqdir edirik.
Beləliklə, namizədlər bizim hörmətli Milli Məclisin müzakirəsinə verilir. Elə bilirəm ki, namizədlər də kifayət qədər səviyyəli, televiziya və radio işini yaxşı bilən, zəngin ictimai, elmi, mədəni təfəkkürü olan insanlardır. Əminəm ki, bizim bu seçimimizdən sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin həyatında irəliyə doğru bir inkişaf olacaq. Yəni irəliyə doğru inkişaf olacaq deyəndə, inkişaf səviyyəsi aşağıdır mənasında demirəm. Deyirəm ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti daha da inkişaf edəcək. Çox sağ olun, minnətdaram.
Sədrlik edən. Çox sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 10 nəfər çıxışa yazılıb, necə səsə qoyaq? Buyursun Fazil Mustafa.
F.Mustafa. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də Novruz bayramı münasibətilə bütün həmkarlarımı təbrik edirəm və bu gün çox ciddi bir seçimlə bağlı çıxış etməyi vacib sayıram. Həqiqətən də, bu gün ölkə həyatında İctimai Televiziyanın rolu kifayət qədər təsdiqlənibdir. Mən bir şeyi demək istəyirəm. İctimai Televiziya ölkə televiziyalarındakı evləndirmə, boşanma və sair bu kimi verilişlərə qoşulmayaraq cəmiyyətin daha aktual problemlərini, cəmiyyətin maarifləndirilməsi ilə bağlı tendensiyanı davam etdirməklə Azərbaycan cəmiyyətində müsbət bir mövqe nümayiş etdirdi. İndi hamını razı salmaq mümkün deyil, kimlərsə onun fəaliyyətindən narazı ola bilər. Amma mən ümumi ab-havadan deyirəm ki, cəmiyyətin bütün təbəqələri bu televiziya vasitəsilə özünü ifadə edə bildi. Ona görə də mən televiziyanın rəhbərliyinə təşəkkür eləmək istəyirəm.
Seçimlə bağlı, Oqtay müəllim, qısaca nəyi demək istəyirəm? İlk dəfədir ki, mən tənqid eləmək deyil, kadr siyasətini tərifləmək istəyirəm. İstər Aqil İsaq oğlu Dadaşov, istər Muxtar İmanov, istərsə də Cahangir Məmmədli Azərbaycanda ziyalı etalonuna daxil ola biləcək insanlardır, öz sahələrinin böyük mütəxəssisləridir. Mən sevinirəm ki, Azərbaycan cəmiyyətində bu cür kadrlar önə çəkilir və cəmiyyətdə onların şəxsiyyəti, peşəkarlığı qiymətləndirilir. Ona görə də mən onları dəstəkləyirəm. Bəlkə də indiyə qədər bütün sahələrdə bu cür kadr seçimi olsa idi, bu cür  ziyalıların, təmiz adı olan insanların önə çəkilməsi baş versə idi, Azərbaycanda, həqiqətən də, bütün problemlər öz həllini tapardı. Diqqətinizə görə təşəkkür edirəm və namizədləri dəstəkləməyə çağırıram.
Sədrlik edən. Deməli, çıxış üçün 9 millət vəkili yazılıb. Çıxış eləmək istəyənlərin içində təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qənirə xanım təkid edir. Qənirə xanım da çıxış eləsin, sonra səsə qoyarıq. Buyurun.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən millət vəkili olmaqla yanaşı, təbii ki, jurnalistikanın bir təmsilçisi kimi burada çıxış etməyi özümə borc bildim. Çünki biz bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərini seçirik və bu bizim üçün çox vacib bir məsələdir. İctimai Televiziyanın fəaliyyətinə də qısa şəkildə toxunmaq istəyirəm, çünki bu, ədalətli yanaşma olardı.
İctimai Televiziya çox qısa zaman ərzində yaranıb. Ümumiyyətlə, dünya televiziya təcrübəsində yaranma tarixi bu cür qısa olan televiziyalar əgər böyük uğurlar qazanırsa, onlar həmişə təqdir edilir. İctimai Televiziya Azərbaycanın həyatında bir çox istiqamətlərdə çox mühüm rol oynayır. Birincisi, Azərbaycan xalqının maarifləndirilməsi missiyasını çox uğurla həyata keçirir. Azərbaycanın tarixinin gənc nəsillərə ötürülməsi, onların vətənpərvər ruhda yetişdirilməsi istiqamətində, sosial məsələlərin və parlamentdə qəbul etdiyimiz  qanunların mahiyyəti ilə bağlı ciddi şəkildə fəaliyyət göstərir. Xüsusilə qanunverici orqanda müzakirə olunan məsələlərin, qəbul olunan qanunların əhaliyə düzgün çatdırılması üçün İctimai Televiziya çox böyük işlər görür. Mən televiziyanın həm rəhbərliyinə, həm də kollektivinə bir millət vəkili, bir vətəndaş olaraq təşəkkür edirəm.
Mən hesab edirəm ki, bu məsələdə kadrlar böyük rol oynayır. Televiziyanın rəhbərliyi və işçiləri ilə yanaşı, yayım şurasının da bu sahədə çox böyük rolu var. Biz çox şadıq ki, bu gün yayım şurasına çox ləyaqətli, çox dəyərli mütəxəssislər namizəd göstəriliblər. Onlar mütləq yayım şurasında təmsil olunmalıdırlar. Mən Mətbuat Şurası tərəfindən namizədliyi irəli sürülən Cahangir müəllimi xüsusi qeyd etmək istəyirəm. Çünki jurnalistika sahəsində çalışan insanlar onun nə qədər qiymətli bir kadr, nə qədər qiymətli bir jurnalist olduğunu və jurnalistikanın inkişafı üçün nə qədər böyük işlər gördüyünü bilirlər. O cümlədən Aqil müəllimi, Muxtar müəllimi də yaxından tanıyırıq. Ona görə mən hesab edirəm ki, bu çox yaxşı bir seçimdir. Onların yayım şurasında təmsil olunması İctimai Televiziyanın gələcəkdə fəaliyyətinin daha yaxşı, daha yüksək səviyyədə qurulmasına öz töhfəsini verəcəkdir. Mən bütün həmkarlarımı bu dəyərli namizədləri dəstəkləməyə çağırıram.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan müəllim bugünkü iclasda iştirak edir. Bəzən televiziyalarımızda çox xoşagəlməyən ənənələri görürük. Bu gün şou-biznes bizim televiziya məkanını “tutur” yox, daha çox “işğal edir” deyərdim. Halbuki bizim bu gün hərbi vətənpərvərliklə, tariximizlə, maarifləndirmə ilə, parlamentdə qəbul olunan qanunların əhaliyə doğru çatdırılması ilə bağlı proqramlara daha çox ehtiyacımız var. İctimai Televiziya bu istiqamətdə ən uğurlu televiziyalardan biridir. Mən onlara gələcəkdə də bu gözəl fəaliyyətlərini yüksək səviyyədə davam etdirmələrini arzu edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Görürəm ki, eyni fikirlər səslənir. Ona görə də çıxışları davam etdirməyə ehtiyac yoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail müəllim, mən soruşdum ki, çıxış üçün təkid edən varmı? Bir nəfər təkid elədi, o da danışdı. İndi 7 nəfərin hamısı çıxış eləsin?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, nə təklif edirsiniz?
F.Ağamalı. Birinci, hər birinizi qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. İstəmərəm ki, burada emosional bir vəziyyət əmələ gəlsin. Hər bir millət vəkilinin demək üçün sözü olanda, ümidvaram ki, hər kəs ona dözümlü yanaşmalı və hörmət etməlidir. Mən, əlbəttə, İctimai Televiziyanın fəaliyyətindən ümumən razıyam. Qısa zaman kəsiyində bu televiziya işini qurdu. Lakin mən, eyni zamanda, İctimai Televiziyanın bəh-bəhlə, çəpiklə nöqsanlardan, problemlərdən kənar bir televiziya kimi təqdim edilməsinin tərəfdarı deyiləm. Bu gün İctimai Televiziyada rəngarənglik çatışmır. İstənilən verilişi götürün: məlum adamlar, məlum personajlar, məlum ünvan və sair.
İctimai Televiziya ictimaiyyətin bütün tərəflərini özündə ehtiva etməlidir. Götürək Milli Məclisi. Çox hörmətli cənab Sədr, görüntülərə baxın. Müəyyən kadrlar gedir, amma Milli Məclisin Sədrindən tutmuş bütün millət vəkillərinin ümumi proseslərdə iştirakı, çıxışı, görüntüləri, demək olar ki, verilmir. Niyə? Bunun səbəbi nədir? Bunlar götürülməlidir. İctimai Televiziya ölkədə gedən ictimai-siyasi proseslərə hökmən və hökmən görüntülər yaratmalıdır, məlumatlar verməlidir, informasiyanı xalqın diqqətinə çatdırmalıdır və sair. Mən düşünürəm ki, burada da yetərincə nöqsanlar var.
Əlbəttə, mən İctimai Televiziyanın əldə etdiyi uğurları alqışlayıram və onların fəaliyyətlərini bundan sonra da daha yüksək səviyyədə quracaqlarına inanıram. Ümidvaram ki, indi İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilən namizədlər millət vəkillərinin etimadını doğruldacaqdır və mən də, əlbəttə, layiqlilərə səs verəcəyəm. Bununla bərabər, İctimai Televiziyanın rəhbərliyinə üzümü tutaraq xahiş edirəm ki, verilişlərin yayılmasında, ayrı-ayrı proqramlarda ayrı-seçkiliyə yol verməsinlər. Mənim xahişim bundan ibarətdir. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Fəzail müəllim, biz bütün millət vəkillərinə hörmətlə yanaşırıq və heç kimin sözünü kəsmirik. Ancaq xahiş edirəm, bir az diqqətli olun. Mən bütün millət vəkillərinə müraciət elədim ki, kim çıxış üçün təkid edir? Təkcə Qənirə xanım təkid elədi. Amma siyahıda 10 nəfərin adı var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İddialı danışırsan. Mən sual verdim, dedim ki, kim təkid edir? Bir nəfər təkid etdi. Hamınıza da dedim ki, bu çıxışdan sonra səsə qoyuruq. Ona görə xahiş edirəm, bir az diqqətli olun. Səsvermə keçirək, ya davam edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, Nizami müəllim də çıxışında dedi, birinci reytinq səsverməsidir, ona görə bütün namizədlər səsvermədə iştirak etməlidirlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən verilmiş namizədlərdən başlayırıq. Birinci namizəd Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil İsaq oğlu Dadaşovdur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.21 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bu, reytinq səsverməsi olduğu üçün, xahiş edirəm, Əli Səfər oğlu Cəfərovun namizədliyinə də münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.21 dəq.)
Lehinə 22
Əleyhinə 50
Bitərəf 5
Səs vermədi 0
İştirak edir  77
Nəticə: Yetərsay  yoxdur

Çox sağ olun. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən verilən namizədlər içərisindən Aqil İsaq oğlu Dadaşovun namizədliyi keçdi.
Mən bir daha təkrar edirəm, bu, reytinq səsverməsi olduğu üçün verilən namizədlərin hamısı səsə qoyulmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Folklor İnstitutunun şöbə müdiri Muxtar Kazım oğlu İmanovun namizədliyi verilmişdir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.22 dəq.)
Lehinə 99
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi Mətbuat Şurası tərəfindən verilən namizədləri səsə qoyuruq. Birinci namizəd Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Əbdüləli oğlu Məmmədlidir. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 100
Əleyhinə 4
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci namizəd Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti Zaur Kamal oğlu Babayevdir. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.24 dəq.)
Lehinə 15
Əleyhinə 54
Bitərəf 10
Səs vermədi 1
İştirak edir  80
Nəticə: Yetərsay  yoxdur

Çox sağ olun.
Hörmətli millət vəkilləri, beləliklə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Aqil İsaq oğlu Dadaşov, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Muxtar Kazım oğlu İmanov və Mətbuat Şurası tərəfindən Cahangir Əbdüləli oğlu Məmmədli İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçildilər. Bu münasibətlə onları təbrik edir və müvəffəqiyyət arzulayırıq! Sağ olun. (Alqışlar.)
Gündəliyin ikinci məsələsi “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərova söz verilir.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehti-yatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/458 saylı 2010-cu il 1 oktyabr tarixli məktubu ilə “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirənizə təqdim edilmişdir. Təqdim edilmiş əlavələr və dəyişikliklər Milli Məclisin Təbii ehtiyatlar, energetika və eko-logiya komitəsində müzakirə edilmişdir. Komitə üzvlərinin hamısı qanun layihəsinin lehinə səs vermiş və onun Milli Məclisin müzakirəsinə çıxarılmasını tövsiyə etmişlər.
Əlavələr və dəyişikliklər nədən ibarətdir? Bütün sənədlər qarşınızda olduğuna görə mən çox qısa məqamları nəzərinizə çatdırmaq istəyirəm. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: “Elektrik və istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir: “İstehlakçılara qazın verilməsi üçün qazpaylayıcı şəbəkəyə qoşulmanın texniki şərtlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
Nəhayət, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa aşağıdakı dəyişikliklər və əlavələr təklif edilir: “13-cü maddənin 2-ci bəndi çıxarılsın”. Qarşınızdakı arayışda bu mətn var. Bilirsiniz, söhbət nədən gedir. 23-cü maddənin 1-ci bəndinin “b” yarımbəndi aşağıdakı re-daksiyada verilir: “Qoşulma fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının he-sabına aparılsın”. 2-ci bəndin “b” yarımbəndi çıxarılır. 23-cü maddəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilir: “İsteh-lakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. 30-cu maddəyə aşağıdakı məzmunda üçüncü bənd əlavə edilir: “Fiziki şəxs olan istehlakçıların sayğaclarla (suölçən ci-hazlarla) təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir”. Əminəm, təklif edilmiş əlavə və dəyişikliklərə səs verib, qanun layihəsini qəbul edəcəyik. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev, buyurun.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Sədr! Mən ilk növbədə Siz başda olmaqla Milli Məclisin bütün üzvlərini Novruz bayramı münasibətilə təbrik edirəm, onlara can sağlığı və uzun ömür, işlərində müvəffəqiyyət arzulayıram. Eyni zamanda, bu təbriki həm də Azərbaycan Respublikasının Prezidentinə və bütün Azərbaycan xalqına ünvanlayıram.
Mən, əlbəttə, bu dəyişikliklərə səs verəcəyəm, amma en-ergetika sahəsinin mütəxəssisi kimi bir məsələ məni narahat edir. Bu, son zamanlar baş verən texnogen hadisələrlə bağlıdır. Əvvəllər  gələcəyin perspektiv enerji mənbələri dedikdə ilk növbədə atom enerjisini və termonüvə enerjisini nəzərdə tuturdular. Hadisələr göstərir ki, bunlar insanların həyatı üçün o qədər də təhlükəsiz mənbələr deyillər. Gələcəkdə, yəqin ki, alternativ enerji və bərpa olunan enerji mənbələri barədə düşünülməlidir. Yəni bura külək enerjisi, günəş enerjisi, geokütlənin enerjisi, geotermal suların enerjisi və ilaxir daxildir.
Mən keçən sessiyadakı çıxışlarımın birində qeyd etmişdim ki, Azərbaycan alternativ enerji mənbələri ilə bol olan bir ölkədir. Bilirsiniz ki, Azərbaycanda küləkli günlərin sayı xüsusən Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında və dənizkənarı sahələrdə 250-dən çoxdur.
İkincisi günəş enerjisidir. Əgər, məsələn, Amerika Birləşmiş Ştatlarının Texas Ştatında hər kvadratmetr yer səthinə təxminən 1200 vat istilik enerjisi düşürsə, Azərbaycanda bu rəqəm 1500–2000 arasındadır. Bu cəhətdən də Azərbaycanda çox münbit şərait var.
Alternativ enerji, xüsusilə külək və günəş enerjisinin Azərbaycanda istehsalını gücləndirmək və bunu sənaye sahəsində relsinə qoymaq barədə Valeh müəllimə bir dəfə müraciət eləmişdim. İndi Azərbaycanda bunlar var, amma hələlik stend xarakteri daşıyır. Amma kütləvi şəkildə alternativ enerjinin Azərbaycanda istehsalı, istehlakçılara verilməsi və hüquqi normativ sənədlər nöqteyi-nəzərindən tənzimlənməsi üçün, hesab edirəm ki, yaxın gələcəkdə Milli Məclisdə qanun qəbul olunsa, yaxşı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanunun 2.3-cü maddəsinə aşağıdakı cümlə əlavə edilir: “2.0.3-1. Şəhadətnamənin (apostilin) verilməsi.” Yəni bu, xüsusi dünya miqyasında tanınan ştampdır, amma Ədliyyə Nazirliyi bunu xüsusi arayış formasında  düzəldib.
Sonra, 6-cı maddənin  mövcud mətni 6.1-ci maddə hesab edilir və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilir: “Dövlət  rüsumunun məbləğləri barədə məlumat lövhə şəklində müvafiq xidmət göstərən hər bir dövlət orqanının yerləşdiyi binanın (otağın) görünən yerində asılmalıdır”.
Bir də, 13.1-ci maddə əlavə edilir. Müvafiq sənədə apostil verilməsi üçün tutulan dövlət rüsumunun məbləği 10 manat müəyyən edilir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. İcazə versəniz, həm də 5-ci məsələni – Konstitusiya Məhkəməsi haqqında Qanunla bağlı dəyişikliyi də məruzə edərdim, çünki hər ikisi hakimlərin sosial müdafiəsi ilə bağlıdır və eyni məzmunda olan düzəlişdir. 
Sədrlik edən. Məruzə edin, amma səsverməni ayrı-ayrı keçirərik. Buyurun.
Ə.Hüseynli. Çox sağ olun. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsi hakimlərin sosial müdafiəsinə həsr olunub. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73-cü maddəsi isə Konstitusiya Məhkəməsi hakimlərinin təminatı ilə bağlıdır. Cənab Prezident tərəfindən təklif olunan əlavədə hakimlərin pensiya təminatı haqqında müddəanın onların ailə üzvlərinə də şamil olunması təklif olunur. Təklif olunur ki, hakimlərin ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna müvafiq olaraq həyata keçirilsin. Elə bilirəm ki, bu, bütövlükdə hakimlərin fəaliyyəti və onların sosial müdafiəsi baxımından əhəmiyyətlidir. Bilirsiniz ki, sosial müdafiə özü də müstəqilliyin vacib elementlərindən biridir. Odur ki, millət vəkillərindən bu layihəyə dəstək vermələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Siz hər iki layihə ilə bağlı eyni fikir söylədiniz? Hörmətli millət vəkilləri, xahiş edirəm, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, bu da müəyyən mənada əvvəlki məsələlərin məntiqi davamıdır. Amma burada qulluq stajına görə əmək pensiyasına əlavələrdən söhbət gedir. Dəyişiklik “Əmək pensiyaları haqqında” Qanuna təklif olunur. Qulluq stajına görə əmək pensiyasına əlavələr qanunda göstərilmiş pensiyaçılara təyin olunur və qanunun 20.1-ci maddəsində konkret olaraq həmin şəxslər sadalanır. Təklif olunur ki, hakim və hakim kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, bu onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hü-ququ olan ailə üzvlərinə də şamil olunsun.
Eyni zamanda, qanunun 20.7-1-ci maddəsi vəfat etmiş sabiq hakimin ailə üzvləri ilə bağlı əmək pensiyalarına əlavələr ödənilməsi qaydasını dəqiq göstərir. Məlumat üçün qeyd etmək istəyirəm ki, bu cür müddəa eynilə “Dövlət qulluğu haqqında” Qanunda, yəni dövlət qulluqçuları üçün nəzərdə tu-tulub. “Prokurorluq orqanlarında xidmətkeçmə haqqında” Qanunda da bu nəzərdə tutulub. Hesab edirəm ki, hakimiyyətin digər qolu, yəni hakimlərin ailə üzvləri üçün də belə bir müddəanın – əmək pensiyalarına əlavələrin nəzərdə tutulması məqsədəmüvafiq və məntiqli olardı. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev, buyurun.
A.Quliyev.  Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən təklif olunan əlavə və dəyişikliyə, şübhəsiz ki, səs verəcəyəm. Amma birbaşa bu qanun layihəsinə aid olan digər vacib bir məsələyə toxunmaq istəyirəm. Bilirsiniz ki, bəzi Azərbaycan vətəndaşları uzun müddət ölkədən kənarda əmək fəaliyyəti ilə məşğul olmuşlar. Həmin vətəndaşların bir qismi Azərbaycana geri döndükdən sonra onların əmək pensiyaları hesablanarkən işlədikləri  ölkələrin Dövlət Sosial Müdafiə Fonduna ödədikləri məbləğ nəzərə alınmır.  Xüsusilə bu hal Rusiya Federasiyası ilə bağlı özünü qabarıq şəkildə göstərir. Təəssüflər olsun ki, 100 minlərcə vətəndaşımızın həm sovetlər, həm də müstəqillik dövründə Rusiyada işləyən zaman ödədikləri məbləğ Rusiya hökuməti tərəfindən hesablanmır.
Hələ 1999-cu ildə Azərbaycan Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş imzalanmış və 2001-ci ildə Milli Məclisdə ratifikasiya olunmuşdur. Amma hörmətli Sədr, təəssüflər olsun ki, Rusiya Dövlət Duması tərəfindən bu addım atılmamışdır.  Bu səbəbdən də dediyim kimi, bu gün minlərcə vətəndaşımız haqq etdikləri pensiyalarını ala bilmirlər. Mən fürsətdən istifadə edib bu məsələni Milli Məclisdə qaldırmağı vacib bildim. Düşünürəm ki, bizim müvafiq qurumlarımız Rusiya Federasiyası ilə bu istiqamətdə işlərini sürətləndirməlidirlər. Biz həmin sazişin Rusiyada da ratifikasiya olunmasına nail olmalıyıq ki, vətəndaşlarımız ödədikləri məbləğin müqabilində əmək pensiyası ala bilsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirəyə təqdim olunan bir neçə layihə, gördüyümüz kimi, hakimlərin və onların ailə üzvlərinin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Ümumiyyətlə, son illər təkcə məhkəmə deyil, digər hüquq mühafizə orqanlarının əməkdaşlarının da pensiya təminatının yaxşılaşdırılması istiqamətində geniş miqyaslı tədbirlər görülmüşdür. Hesab edirəm ki, sosial yönümlü bu cür tədbirlər bu sahədə mövcud olan bəzi mənfi halların və fəaliyyətlərin aradan qaldırılmasına təkan verəcək.
Pensiya təminatı ilə bağlı mövzuya toxunarkən fürsətdən istifadə edərək bir vacib təklifimi diqqətinizə çatdırmaq istərdim. Qeyd etmək istəyirəm ki, bu məsələ hər zaman mənim diqqət mərkəzimdə olub və bununla bağlı seçicilərimdən xeyli sayda müraciətlər almışam. Bu məsələ ilə bağlı Sosial siyasət komitəsinə və müvafiq dövlət qurumlarına qanunvericilik təşəbbüsü qaydasında müraciət etmişəm. Bu məsələ ahıl müəllimlərin pensiya təminatının yaxşılaşdırılması ilə bağlıdır. Belə ki, həmin insanların uzun illər iş stajı var, amma pensiyaları 2006-cı ilə qədər mövcud olan qay-dalarla hesablandığına görə aldıqları pensiya sosial problemlərini həll etmək üçün kifayət etmir. Bu insanlar, əsasən, 75–80 yaşlı ahıl müəllimlərdir. Fikir versəniz, bizim orta və ali məktəblərdə kadr potensialı sürətlə qocalmaqdadır. Bu onların pensiyalarının həcmi ilə əlaqədardır. 45–50 il iş staji olan həmin ahıl şəxslərin təqaüdünün yeni qaydalarla hesablanması onlara sosial problemlərin həllində böyük köməklik edərdi.
Məncə, təklif etdiyim bu qaydaları 75 yaşdan yuxarı və ən azı 45–50 il iş stajina malik olan həkimlərə də şamil etmək olardı. Bildiyiniz kimi, ölkəmizin neft gəlirləri gündən-günə artır və yaxın vaxtlarda biz büdcəyə də yenidən baxacağıq. Xahiş edirəm, pensiyaların baza hissəsinin artırılması məsələsini də nəzərdən keçirək və yuxarıda qeyd etdiyim ahıl şəxslərin pensiyalarının yeni qaydalarla hesablanması mexanizminin hazırlanmasını da təklif edək. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Aqil Abbas.
A.Abbasov. Sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mənim bir təklifim var. Hakimlər vəfat etdikdən sonra onların pensiyalarının ailə üzvlərinə verilməsini alqışlayıram, bu yaxşı işdir. Hakimlərin maaşları artırılanda camaatın ağzında bir söz var idi ki, balam, hakimlərə maaş da verirlər ki? Olsun. Amma mən çox ciddi başqa bir məsələyə toxunmaq istəyirəm. Bu məsələni neçə müddətdir ki, mənə deyirlər. Toxuna bilmirdim, çünki bu məsələdə mənim də marağım var. Sonra deyərlər ki, marağına görə çıxış edir. Ona görə demirdim.
Azərbaycanın ən görkəmli insanlarına, Azərbaycan dövlətçiliyində, Azərbaycan ədəbiyyatında, Azərbaycan mədəniyyətində xüsusi xidməti olan şəxslərə Prezident təqaüdü verilir. Çox gözəl bir işdir ki, möhtərəm Prezident bunları önə çəkir və onları təqaüdlə təmin edir. Amma məsələnin başqa bir tərəfi var. Hakimlər, dövlət qulluqçuları, biz deputatlar, iraq olsun, qulaqlara qurğuşun, ölüb eləsək, maaşımızı ailəmizə verəcəklər. Amma həmin Prezident təqaüdü alan insanlar rəhmətə gedəndən sonra onların ailələrinə, dul qalmış qadınlarına o pensiya verilmir. Necə olur, hamıya verilir, amma Prezidentin önə çəkdiyi insanlar bundan kənarda qalırlar? Mən çox xahiş edirəm, bu məsələ də önə çəkilsin. Hadi müəllim, Sizdən xahiş edirik.
Bu məsələni dəfələrlə mənə deyiblər. Dünən Xəlil Rza Ulutürkün yoldaşını görmüşəm. Azərbaycanın böyük sənətkarı Həsən Məmmədovun və digər görkəmli şəxsiyyətlərin adlarını saya bilərəm. Bayaq qeyd elədim, mənim də marağım olduğuna görə bunu deyə bilmirdim. Deyəcəklər ki, qayınanasına təqaüd istəyir. Mən qayınanamı birtəhər saxlayacağam, söhbət ondan gedir ki, bu insanların ailələri, həqiqətən, acınacaqlı vəziyyətdədirlər. Qoy onlar da həmin təqaüdü alsınlar. Bu çox böyük  bir iş deyil və bu insanların sayı da çox deyil. Əgər Məmməd Araz Məmməd Araz olubsa, Xəlil Rza Xəlil Rza olubsa, Həsən Məmmədov Həsən Məmmədov olubsa, bunun 70 faizi xanımların hesabına olubdur. Onların xanımlarının əziyyəti olubdur. 30 il xanımı Məmməd Arazın dərmanını verib, qulluğunda durub. Xəlil Rza xəstə olub, həbsxanada olub, yoldaşı  30 il qulluğunda durub. Əslində, bunlar həmin o qanundan yararlanmalıdırlar. Mən millət vəkillərindən, xüsusən Hadi müəllim, Sizdən xahiş edirəm, bu məsələni qaldırasınız. Böyük bir iş deyil. İnanıram ki, möhtərəm Prezidentimiz bu məsələyə müsbət yanaşar. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də qanun layihəsini bəyənirəm, buna səs verəcəyəm. Doğrudan da, dövlət strukturunun ayrı-ayrı sahələrində çalışan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi üçün atılan çox humanist, vacib addımdır. Gələcəkdə onların ailələrinin sosial müdafiəsinin qorunması üçün atılan addımdır. Amma Ziyafət müəllim, Siz özünüz də hüquqşünas olduğunuza görə bilirsiniz ki, hakimiyyətin 3 qolu var. Qanunverici, icra və məhkəmə hakimiyyətləri. Bax, biz burada birbaşa tarazlığı pozuruq. “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73.8-ci maddəsində göstərilir ki, Konstitusiya Məhkəməsinin hakimi, – baxmayaraq ki, o hakimlər də 15 il müddətinə seçilirlər, – seçilmədiyi tərzdə 2 il müddətinə digər fəaliyyətdə olan hakimin əmək haqqının 80 faizini almalıdır. Bilirsiniz ki, Milli Məclisin deputatına isə bu 1 il müddətinə şamil olunur. Belədirsə, “özgəyə umac ovuruq, özümüzə əriştə kəsə bilmirik”. Bu məsələ qaldırılmalıdır. Mən ikiəlli razıyam, olmalıdır, vacibdir, çünki dövlətin strukturudur, atributudur. Amma bununla yanaşı, parlament üzvlərinə də bunlar şamil olunmalıdır.
Burada 2 aylıq müalicə xərci göstərilibdir. Hesab edirəm, bu da şamil olunmalıdır.  Bundan əlavə, mənzillə təminat məsələsi. Başa düşürəm, orada say azdır. Tutalım ki, o qədər say ehtiva etmir. Heç Milli Məclisdə də say çox deyil. Hamı gedib birbaşa ev istəməyəcək ki? Kimin ehtiyacı varsa, onlar mənzillə təmin olunsunlar. Azərbaycan Respublikasının bir regionundan, bölgəsindən seçilmiş Milli Məclis üzvü, heç olmasa, xidməti mənzillə təmin olunmalıdır ki, bura gələndə qapıları gəzib kirayədə yaşamasın. Bu baxımdan, mən hesab edirəm ki, bu qanunda hər şey düzgün göstərilibdir. Bizim qanun da buna uyğunlaşdırılmalıdır ki, ortada olan uyğunsuzluq aradan qalxsın. Əli müəllimdən xahiş edək ki, Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında qanun layihəsini də yaxın günlərdə müzakirəyə çıxarsın. Qanuna başqa əlavə və dəyişikliklər edilməsi barədə təkliflərimiz də var. Yəni mən bu gün onların bir hissəsini qeyd elədim. Hesab edirəm ki, bütün həmkarlarım da bu məsələyə razılıq verə bilərlər. 2010-cu ildə keçirilən seçkiləri götürsək, bizim bir çox bacarıqlı, qabiliyyətli insanlarımız seçki prosesində iştirak etməyiblər və yaxud da növbəti dəfə seçilməyiblər. Bu gün elə cavan insanlarımız var ki, bir il əmək haqqı aldıqdan sonra növbəti il nə ilə məşğul olacağı bəlli deyil. Heç olmasa, iki il buna imkan yaradaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Mənim bu qanun layihəsinə heç bir etirazım yoxdur, ancaq bir əlavə eləmək istəyirəm. Təbii ki, biz bu qanun layihəsini alqışlayırıq. Yəni bu çox gözəl bir qanun layihəsidir. Ancaq Daxili İşlər Nazirliyinin əməkdaşlarının və milli ordumuzun zabitlərinin adlarının bu siyahıya salınmaması məni narahat edir. Mən istəyərdim ki, bizim polis əməkdaşlarımızın və hərbiçilərimizin də adları bu siyahıda olsun və onların ailə üzvləri də bundan yararlansınlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, millət vəkilləri! Əslində, Ziyafət müəllim, mən hörmətli həmkarım Azay müəllimin qaldırdığı çox ciddi məsələni bir az da genişləndirərək çatdırmaq istəyirəm. Çünki bu, çoxlu sayda insanın müraciəti ilə bağlıdır. Parlament də bu məsələnin tezləşməsində müəyyən rol oynaya bilər.
Söhbət ondan gedir ki, 1999-cu il noyabrın 5-də Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında saziş imzalanıb. 2001-ci il aprelin 3-də Azərbaycan tərəfi bu sənədi ratifikasiya edib, amma artıq 10 ildən çox vaxt keçməsinə baxmayaraq, Rusiya tərəfi bu sənədi ratifikasiya etməyib. Problem nədən yaranır? Problem ondan yaranır ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə iqtisadi problemlər,  işsizlik çox olduğundan Azərbaycandan xeyli sayda insan Rusiyaya gedib. Orada qanuni fəaliyyətlə məşğul olanların sayı kifayət qədərdir. Sonra Azərbaycan inkişaf etdikcə, Azərbaycanda iş yerlərinin sayı artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca həmin insanlar Azərbaycana dönüb fəaliyyətlə məşğul olurdular.
İllər keçir, həmin insanların pensiya yaşları yaxınlaşır. Onların pensiyasının düzgün hesablanmasında problemlər yaranır. Problemlər ona görə yaranır ki, Rusiya tərəfi hələ də bu sənədi ratifikasiya etməyib. Bəlkə biz parlament olaraq bu məsələnin irəliləməsi istiqamətində addımlar atmalıyıq? Rusiya parlamentinə müraciət göndərilməsi, dostluq qrupları vasitəsilə bu işin daha da sürətlənməsinə kömək etmək mümkündür. Parlament tərəfindən Rusiya Dövlət Dumasına bu məsələ ilə bağlı müraciət edilərdi ki, həmin sənədin rati-fikasiya olunması çox vacibdir.
Artıq minlərlə insanın həyatına birbaşa təsir göstərən məsələdir və insanların bu istiqamətdə müraciətləri də var. Azay müəllim haqlı dedi ki, onlar bu məsələnin həllini gözləyirlər. Çünki bunsuz pensiyaların tam düzgün hesablanmasında problemlər yaranır. Mən də Azay müəllimin  təklifinə qoşuluram ki, bu məsələnin həll edilməsi istiqamətində par-lament tərəfindən də müəyyən addımlar atılması müsbət nəticə verərdi. Hökumət qurumları da bu məsələdə fəaliyyətlərini sürətləndirsələr, yaxşı olar. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Başqa çıxış edən yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.37 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdə iki məsələmiz qalır. Yəqin, bu sürətlə getsək, fasiləyə kimi işimizi bitirə bilərik. Gündəliyin növbəti məsələsi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Amma yenə Sizdən xahiş eləmək istəyirəm ki, yeddi və səkkizinci məsələləri birgə məruzə etməyimə icazə verəsiniz. Çünki “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər məntiqi, üzvi surətdə “Prokurorluq haqqında” Qanunla bağlıdır.
Bildiyiniz kimi, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyə görə əməliyyat-axtarış fəaliyyətini cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş təhqiqat orqanı həyata keçirir. Bunların hansı orqanlar olduğu məlumdur. Qanunun qüvvəyə minməsi ilə bağlı cənab Prezidentin müvafiq fərmanı olur. Həmin orqanlar hazırda hüquq mühafizə orqanlarıdır. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmanı nəzərə alaraq təklif olunur ki, korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini  korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirsin. Bu bizim qanunvericilik üçün müəyyən mənada yenilikdir. Həmişə əməliyyat-axtarış fəaliyyətini müvafiq icra hakimiyyəti orqanları həyata keçiriblər. Amma müzakirə olunan variantda korrupsiyaya qarşı mübarizə üzrə əməliyyat-axtarış fəaliyyətinin spesifik xüsusiyyətləri nəzərə alınaraq ixtisaslaşmış orqana verilməsi təklif olunur.
Eyni zamanda, məlumat üçün bildirmək istəyirəm ki, 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qüvvəyə mindikdən sonra cənab Prezidentin fərmanı olmuşdur. Bu fərman korrupsiyaya qarşı mübarizə ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması haqqında idi. Fərmanda qeyd olunurdu ki, korrupsiya ilə bağlı cinayətlər üzrə ibtidai istintaq aparan ixtisaslaşmış qurum Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsidir. Beləliklə, ixtisaslaşmış qurum deyəndə biz Korrupsiyaya Qarşı Mübarizə İdarəsini nəzərdə tutmalıyıq. Nəzəri dəyişiklik olduğuna görə 5-ci maddənin birinci, ikinci və üçüncü bəndlərində dəyişiklik edilir. Çünki artıq söhbət ancaq təhqiqat orqanlarından getmir. Prokurorluq təhqiqat orqanı deyil. Ona görə də ikinci və üçüncü bəndlərdə “əməliyyat-təhqiqat orqanları” anlayışı əvəzinə “əməliyyat-axtarış fəaliyyəti subyekti” anlayışı yazılması təklif olunur.
Eyni zamanda, qanunun 5-ci maddəsinə yeni bir bənd əlavə edilir. Burada deyilir: “Korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış tədbirlərini yalnız korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı, yaxud həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər”. Hörmətli millət vəkilləri, mən nə üçün bu müddəanı olduğu kimi oxudum? Çünki bu həm də o deməkdir ki, lazım olduğu hallarda ixtisaslaşmış orqan, yəni prokurorluq yanında müvafiq idarə yazılı tapşırıq verərsə, onda digər bir orqan da bu təhqiqatı həyata keçirə biləcək. Əməliyyat-axtarış fəaliyyəti, bildiyiniz kimi, müəyyən mənada spesifik bir sahədir. Bu dediklərim “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklərlə bağlıdır.
Bu layihə ilə üzvi surətdə bağlı olan “Prokurorluq haqqında” Qanuna edilən dəyişikliklər haqqında fikirlərimi demək istəyirəm. Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl, 2011-ci il martın 11-də cənab Prezidentin bir fərmanı olmuşdur. Fərman Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər haqqındadır. Fərmanın mətninə görə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti daha da təkmilləşdirilir və bu idarənin işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılır, beləliklə, 100 nəfər müəyyənləşdirilir. Demək istəyirəm ki, əslində, cənab Prezidentin fərmanı sonradan müzakirə etdiyimiz qanun layihələri ilə də üzvi surətdə bağlıdır. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirməkdən ötrü, təbii ki, müvafiq idarəyə yeni insanlar cəlb olunmalı və idarənin fəaliyyəti də təkmilləşdirilməlidir.
Qısaca olaraq belə bir zərurətin nədən yarandığını diqqətinizə çatdırmaq istərdim. Hörmətli millət vəkilləri, məlumat üçün deyim ki, hələ 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul ediləndə və bu sahədə ixtisaslaşmış orqanların yaradılması barədə düşüncələr olanda biz, təbii, beynəlxalq təcrübəni öyrəndik. Beynəlxalq təcrübə isə ondan ibarətdir ki, korrupsiyaya qarşı mübarizəni ixtisaslaşmış orqan həyata keçirməlidir. Əməliyyat-axtarış fəaliyyətindən başlayaraq ibtidai istintaqın bütün mərhələlərini bir orqan həyata keçirməlidir. O zaman biz bunu nəzəri baxımdan bilsək də, praktikada təsdiq etmədik, çünki bu sahədə yeni addımlar atılırdı. Amma bu gün dünyada korrupsiyaya qarşı mübarizədə kifayət qədər müsbət uğurlar əldə etmiş həm Avropa İttifaqı ölkələri, Baltikyanı ölkələr, Litva, Latviya, Macarıstan, həm də bir sıra Asiya ölkələri – Hanhonq, Sinqapur kimi ölkələr var. Həmin ölkələrdə korrupsiyaya qarşı mübarizəni vahid bir orqan həyata keçirir. Belə bir fəaliyyətin vahid orqan tərəfindən həyata keçirilməsi bu qurumların fəaliyyətini daha da çevik edir. Mövcud vəziyyətdə əməliyyat-axtarış fəaliyyəti barədə tapşırığı həyata keçirmək üçün prosedurlar, cinayət-prosessual qanunvericiliyi var. Bu müəyyən qədər uzun vaxt aparır. Vahid, çevik bir qurumun fəaliyyəti isə daha səmərəli olar.
Mən deyə bilərəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqan Baş prokurorluq yanında təşkil edilib. Eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə komissiya var. Biz beynəlxalq təcrübəni öyrənirik. Amma eyni zamanda bizim bu sahədə bir sıra öhdəliklərimiz var. Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən də Azərbaycan Respublikasına bir sıra tövsiyələr verilmişdir. Tövsiyələrdən biri də məhz korrupsiyaya qarşı mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətinin ixtisaslaşmış orqana verilməsidir.
İndiyə qədər təcrübədən gəldiyim bir nəticəyə görə hesab edirəm ki, əgər Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməliyyat-axtarış fəaliyyəti ilə bağlı təşkilati məsələləri keyfiyyətlə yerinə yetirərsə, bu qanunun icra olunmasında heç bir problem meydana çıxmayacaqdır. Bütövlükdə isə hesab edirəm ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən işlərin indiki mərhələsində bu zəruridir. Bu dəyişikliklər qanunvericilik, praktika sahəsində həyata keçirilən kompleks tədbirlərin bir hissəsidir. Millət vəkillərindən hər iki layihəni dəstəkləməyi xahiş edirəm.  Çox sağ olun, cənab Sədr.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim, qanuna edilən dəyişiklik aydındır. Cənab Prezidentin son vaxtlar korrupsiya, rüşvətxorluqla əlaqədar verdiyi göstərişlərlə birbaşa bağlıdır, buna səs verəcəyəm. Amma məsələ ilə əlaqədar mənim Əli müəllimə bir sualım var. Son illər, müstəqillikdən bu yana bir sıra nazirliklərin tərkibində istintaq orqanları yaradılıb. Hazırda təqribən 7 nazirliyin tərkibində istintaq orqanı var. Əgər biz korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə fikirləşiriksə, yaxşı olmazmı, vahid bir formada ayrıca istintaq orqanı, ya da elə prokurorluğun nəzdində istintaq orqanı yaradılsın? Çünki həmin orqanlar, faktik olaraq, bu işlərdə müəyyən nöqsanlara yol verirlər, göstərdiyim nazirliklər də sonra özləri özlərini istintaq edirlər. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Müzakirələrə başlamazdan qabaq nəzərinizə çatdırım ki, bu gün bizim müzakirələrdə Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev də iştirak edir. Lazım olan sualları o da cavablandıra bilər. Müzakirələrə başlayaq. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu qanun layihəsinə səs verəcəyəm. Bununla bağlı bir neçə fikrimi bildirmək istəyirəm. Ümumiyyətlə, prinsip etibarilə bu məsələnin özü çox aktualdır, buna qarşı mübarizənin vahid bir istiqamətdə birləşməsi vacib amillərdən biridir. Mən hesab edirəm ki, ixtisaslaşmış sahə üzrə bir struktura belə səlahiyyətlərin verilməsi cənab Prezident tərəfindən göndərilmiş qanun layihəsində öz əksini tapıb. Vacibdir ki, korrupsiyaya qarşı mübarizə bir istiqamətdə aparılsın. Əgər digər strukturlar da belə hallardan məlumatlandırılırsa, dərhal həmin məlumatların prokurorluq orqanlarına çatdırılması vacib elementlərdən biridir.
Hesab edirəm ki, bütövlükdə hüquq mühafizə orqanları sistemində islahatların aparılmasına böyük ehtiyac var. Məndən əvvəl sual verən hörmətli Vahid müəllim də bu məsələyə toxundu. Doğrudan da, bu gün Azərbaycanda istintaq orqanları həddən artıq çoxdur. Təbii, bunun yaxşı cəhəti də, pis cəhəti də var. Amma bu istintaq sistemində mütəxəssis olmalıdır.
Bütün hüquqşünaslara bəllidir ki, istintaqın əsasını ibtidai istintaq təşkil edir. Törədilmiş cinayətin və ya hüquq pozuntularının aradan qaldırılması, cinayətkarın tapılması üçün ilkin materiallar, görüntülər, hər hansı detal ibtidai istintaqın əsasını təşkil edir. Əgər ilkin istintaqda hər hansı dəlil itirilirsə, ümumiyyətlə, ortaya çıxarılmırsa, yaxud məsələ dəqiq araşdırılmırsa, sonradan istintaq onları yerinə qoymaqda çox çətinlik çəkir. Bu baxımdan da hesab edirəm ki, hansı strukturun tərkibində olur-olsun fərqi yoxdur, vahid istintaq orqanının yaradılmasına ehtiyac var.
Hesab edək ki, bu, pilot layihədir, sınaqdan çıxaraq. Korrupsiya ilə bağlı bir istiqamətin prokurorluğa verilməsi... Bunu səs verib qəbul edəcəyik, pilot layihə kimi buna baxmaq olar. Əgər gələcəkdə bu istiqamət özünü doğruldarsa, digər sahələrdə də bu məsələni həll etmək lazımdır. Bu həm də vətəndaş, insan hüquqları ilə bağlı bir məsələdir. Birinci, istintaqa cəlb edilən bu orqanların saxlama kameraları yoxdur. Tutulan şəxsləri harada saxlayacaq, harada yerləşdirəcək? İkinci, istintaqı hansı şəkildə aparacaq? İxtisaslaşmış istintaq orqanı olmadan mümkün deyil. Hər belinə tapança bağlayan, yaxud əyninə forma geyən istintaqçı ola və yaxud istintaq apara bilməz. Bu baxımdan da ixtisaslaşmış orqanın olması mövcud narazılıqların aradan qaldırılmasına böyük imkan yaradar.
Digər tərəfdən, hər bir istintaq orqanı, təbii, tərəflidir və hesab edir ki, burada ədaləti, həqiqəti deyil, təmsil etdiyi strukturun maraqlarını müdafiə etməlidir. İstintaqda da bu mümkün ola bilməz. Çünki istintaqın əsas vəzifəsi ondan ibarətdir ki, obyektivliyi, düzgünlüyü açıb ortaya qoysun və bunun nəticəsi olaraq da kimin hansı məsuliyyətə cəlb olunması müəyyənləşdirilsin. Belə olan halda tərəflilik artıq imkan vermir ki, baş verən hadisə düzgün araşdırılsın. Hazırlanan sənədlər məhkəməyə göndərilir, məhkəmənin də  yenidən istintaq aparmaq imkanları yoxdur. Nəticədə Azərbaycan vətəndaşları bu və ya digər struktur tərəfindən ədalətsiz şəkildə məsuliyyətə cəlb edilir, hansısa cərimələri ödəməli olurlar və sair və ilaxir. Bu baxımdan da hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı istintaqın prokurorluq orqanları tərəfindən aparılması gələcəkdə də yeni-yeni layihələrin həyata keçirilməsinə imkan yarada bilər.
Mən bu layihəyə səs verəcəyəm. Hesab edirəm ki, gələcəkdə digər qanunlara da əlavə və dəyişikliklər etməliyik, çünki əməliyyat-axtarış tədbirləri spesifik bir sahədir və buna görə də həmin sahəyə cəlb olunacaq gələcək kadrlar mütəxəssis olmalı, korrupsiya ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onlar kifayət qədər təcrübə toplamalıdırlar. Mən hesab edirəm, Baş Prokurorluğun tərkibində yeni bir strukturun yaranması zərurəti var. Hər hansı bir şöbəninmi, idarəninmi yaradılması zəruridir. Korrupsiyaya qarşı mübarizənin əməliyyat-axtarış hissəsi tamamilə fərqli bir sahədir və bu sahə üzrə mütəxəssislərin cəlb olunması vacibdir.
Bu gün korrupsiya ilə mübarizə aktual məsələdir. Ölkə Prezidentinin bu mübarizə ilə bağlı göstərişləri, fərmanları, sərəncamları var. Bəzən mətbuat orqanlarında da yazırlar ki, bu gün korrupsiyaya qarşı mübarizə aparmaq lazımdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə həmişə olub. Korrupsiyaya qarşı mübarizənin təməlini hələ 1969-cu ildə ümummilli liderimiz hakimiyyətə gələndə qoydu. Hətta bəzi sovet ölkələrindən irad tutulurdu ki, Kommunist Partiyasının müəyyən üzvlərini Siz şübhə altında qoyursunuz. Hətta keçmiş Sov.İK MK-dan ümummilli liderimizə zənglər olurdu ki, Siz katibləri həbs etdirirsiniz, bu isə partiyaya ləkə gətirir. Lakin buna baxmayaraq, Heydər Əliyev ömrü boyu korrupsiyaya qarşı mübarizə aparıb. Azərbaycanda 1969-cu ildən bu yana, arada qısa bir müddəti çıxmaq şərtilə, korrupsiyaya qarşı mübarizə gedib və hazırda da davam edir. Bu o demək deyil ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bu gün başlanıb.
Cəmiyyətin də bu mübarizəyə cəlb olunması, qanunlar qəbul etməklə parlamentin də bu məsələdə iştirakı vacib amillərdən biridir. Bütövlükdə bu proses getməlidir və hər kəs öz sahəsində buna qarşı mübarizə aparmalıdır ki, digər strukturlara da güc düşməsin. Kimə isə mətbuat orqanında “korrupsiyaçı” damğası vurmaq düzgün deyil. Birinci, bunun üçün istintaq aparılmalı, araşdırılmalı, müəyyənləşməlidir. İkinci, həmin sahəyə rəhbərlik edən bu və ya digər dövlət vəzifəsi daşıyan şəxslər, dövlətin rəhbəri var. Ümumi şəkildə danışırlar və fikir söyləyirlər. Mən bunun tamamilə əleyhinəyəm, əgər kimdə cəsarət varsa, konkret desin ki, filankəs korrupsionerdir, korrupsiya ilə məşğul olur. Əgər bu cəsarət yoxdursa, deyə bilmirsə, ümumi şəkildə ictimaiyyətdə ajiotaj  yaratmağın heç bir əsası yoxdur.
Hər bir şəxs korrupsioner tanıyırsa, adını, familiyasını dərc etdirsin, çıxış etsin, desin ki, filankəs korrupsionerdir, korrupsiya ilə məşğuldur. Deputatın səlahiyyəti çatır ki, yazılı şəkildə məktubla göndərsin, istər Prezidentə, istər Korrupsiyaya qarşı mübarizə üzrə komissiyaya, istərsə də Baş prokurora müraciət etsin. Müraciətində bildirsin ki, məlumatım var, filankəs korrupsiya ilə məşğuldur. Hesab edirəm ki, ortaya qoyulan düzgün mövqe, hər bir vətəndaşın, insanın, millət vəkilinin mövqeyi bundan ibarət olmalıdır. Yox, ümumi qaydada deyim ki, korrupsiya var, korrupsiya ilə məşğul olur. Kim məşğul olur? Adı, familiyası, atasının adı, tutduğu vəzifə bilinməlidir. Bu məsələ aktualdır, zəruridir. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, millət vəkilləri! Mən də öz mövqeyimi bildirmək istəyirəm. Əli müəllimin təqdim etdiyi əlavə və dəyişiklikləri kifayət qədər əsaslı hesab edirəm. Bütün istiqamətlərdə hər bir məsələ deyildi və mən bunlarla tamamilə razıyam. Burada qeyd olundu ki, digər nazirliklərdə də belə orqanlar mövcuddur. Amma bu gün Baş Prokurorluq yanındakı idarəyə əməliyyat-axtarış funksiyasının verilməsini zəruri hesab edirəm. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin daha da gücləndiyini görürük. Daha prinsipial mövqe görürük.
Bəli, tamamilə doğrudur ki, Azərbaycanda  bu cür hallara qarşı mübarizə həmişə olub. Amma bu gün xüsusilə də ölkə Prezidentinin mövqeyindən irəli gələn amillər mövcuddur. Baş Prokurorluğun peşəkarlığı və son dövrdə prinsipial mövqeyi ilə seçilməsi bizim hər birimizə bəllidir. Ona görə də mən hesab edirəm ki, bu cür əməliyyat-axtarış funksiyasının Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verilməsi çox vacibdir. İnanıram ki, bunun nəinki korrupsiyaya qarşı, hətta korrupsiyanı yaradan, doğuran amillərə qarşı aparılan mübarizədə çox böyük faydası olacaqdır. Hesab edirəm ki, hər birimiz, hər bir millət vəkili bu mübarizəni dəstəkləməlidir. Azərbaycan inkişaf edir və hər birimiz maraqlıyıq ki, istənilən sahədə, mübarizədə, inkişafda hamımız bir yerdə olaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, millət vəkilləri! Mən çox qısa danışacağam, qəti narahat olmayın. Onsuz da saat 2-yə qədər Oqtay müəllim iclası davam etdirəcəkdir. Əmin  olun ki, boşluğu doldurmalıyıq. Təklif edirəm ki, layihələri səsə qoyaq.
Sədrlik edən. Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Təşəkkür edirəm.  Hörmətli cənab Sədr, millət vəkilləri! Bu gün müzakirəyə çıxarılmış “Əməliyyat-axtarış  fəaliyyəti haqqında” və “Prokurorluq haqqında”  qanunlara dəyişikliklərlə bağlı bir neçə kəlmə ilə fikrimi bildirmək istəyirəm. Birinci, əməliyyat-axtarış fəaliyyəti dedikdə bəzən insanlarda belə bir fikir formalaşır ki, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı  vətəndaşların hüquq və azadlıqları bu və ya digər formada pozula bilər, pozulur. Ümumiyyətlə, fikirləşirlər ki, bu nə olan şeydir?
Əvvəla, qeyd edim ki, əməliyyat-axtarış fəaliyyəti müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir. Aşkar və qeyri-aşkar olduğuna görə, təbii ki, insanlar müəyyən məsələləri düşünməyə məcbur olurlar. Amma eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasında və eləcə də “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsində birbaşa göstərilir ki, Konstitusiya ilə vətəndaşlara verilmiş insan və vətəndaş hüquq və azadlıqları, hüquqi şəxslərin mənafelərini pozmaq qadağandır. Yəni bu şübhələri aradan götürmək üçün qanun  düzünə göstərir ki, vətəndaşların hüquq və azadlıqlarını əməliyyat-axtarış tədbirləri nəticəsində pozmaq qadağandır.
Əməliyyat-axtarış tədbirlərinin, təbii ki, sayını da biz dəqiq bilmirik. Qanunda olsa belə, hesab edirəm ki, bunu bir daha vurğulamaq lazımdır. Qanunla 18 tədbir nəzərdə tutulur. Çox haqlı olaraq qanun bu tədbirlərin bir neçəsinin məhkəmənin qərarı ilə reallaşdırılmasını nəzərdə tutur. Bu baxımdan müzakirəyə çıxardığımız 5-ci maddədə əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə artıq yeni bir subyekt Baş Prokurorluq yanında fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə İdarəsi qanunda subyekt şəklində əks olunur. Düzdür, əvvəllər də “Prokurorluq haqqında” Qanunda, eləcə də “Əməliyyat-axtarış  fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsində prokurorluq nəzərdə tutulurdu. Lakin prokurorluq subyekt kimi bu maddənin təsiri altına düşmürdü. Bu gündən artıq, yəni bizim qəbul edəcəyimiz bu dəyişikliklər nəticəsində Baş Prokurorluq yanında korrupsiya ilə bağlı ixtisaslaşmış prokurorluq orqanı artıq bu maddənin subyektinə çevrilir.
Mən bir məsələni də demək istəyirəm. Bəzən belə bir fikir formalaşır ki, prokurorluğa bu səlahiyyəti verməklə onun səlahiyyətləri daha da genişlənir və istənilən  müəssisə ilə bağlı əməliyyat-axtarış tədbirlərini həyata keçirmək funksiyasını özündə saxlayır. Bu belə deyil, yəni ümumi nəzarət funksiyası deyil. Sadəcə, biz qanunun təklif olunan variantına nəzər salsaq, görürük ki, sözün əsl mənasında korrupsiya ilə bağlı cinayətlərdən söhbət gedir. Yəni o halda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən söhbət gedəcək ki, ancaq korrupsiya ilə bağlı cinayətlər olsun. Çox haqlı olaraq bu səlahiyyətin Baş Prokurorluğa və ixtisaslaşmış prokurorluq orqanına verilməsi nəzərdə tutulur.
Mən 5-ci maddənin təklif olunan beşinci bəndinə bir daha diqqət yetirməyi xahiş edərdim. Burada göstərilir ki, əməliyyat-axtarış tədbirlərini “...ixtisaslaşmış prokurorluq orqanı, yaxud  həmin prokurorluq orqanının yazılı tapşırığı əsasında təhqiqat orqanları həyata keçirirlər”. Çünki qanunda əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqanların konkret siyahısı göstərilirdi. Bir daha qeyd etmək istəyirəm ki, bunlar Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Xüsusi Dövlət Mühafizə Xidməti idarələri idi. Burada artıq göstərilir ki, mütləq yazılı şəkildə tapşırıq əldə etdikdən sonra bu idarələr əməliyyat-axtarış tədbirlərini həyata keçirə biləcəklər.
Bundan başqa, 20-ci maddə ilə bu işin icrasına nəzarətin Baş prokurora tapşırılması, əslində, prokurorluq orqanlarının səlahiyyətlərinin daha da artırılması ilə bərabər məsuliyyətinin də artırılmasını ortaya qoyur. Yəni həm əməliyyat-axtarış tədbirlərini həyata keçirəcəklər, həm istintaq aparacaqlar, həm də ittiham haqqı təsdiq olunacaq. Bütün bunların da başında Baş prokuror dayanacaq. Mən hesab edirəm ki, Baş Prokurorluğun vəzifələrinin genişləndirilməsi ilə bərabər, həm də onun səlahiyyətləri, məsuliyyəti artırılacaqdır.
“Prokurorluq haqqında” Qanuna təklif olunan dəyişikliklərlə bağlı təkrarçılıq olmasın deyə demək istəmirəm. Bu səlahiyyətlərin Baş prokurora verilməsi çox normal haldır. Amma qeyd edim ki, Əli müəllim, “Əməliyyat-axtarış  fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin 3-cü bəndində bir texniki qüsura yol verilibdir. Biz bunu müzakirə edən zaman, görünür, nəzərdən qaçırmışıq. Burada 3-cü bəndin axırında göstərilir ki, “...şəxsiyyət haqqında məlumatlar həmin şəxslərin yazılı razılığı olduqda qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda təqdim edilə prokuror nəzarətinin subyektinə bilər”.  Sözlərin yerləri dəyişilib. Yəqin bu belə oxunmalıdır: “...qaydada və hallarda prokuror nəzarətinin subyektinə təqdim edilə bilər”. Bu yəqin texniki qüsurdur. Bunu aradan götürə bilərik.
Hesab edirəm ki, bugünkü dəyişikliklərlə həmin səlahiyyətlərin Baş prokuror yanında ixtisaslaşmış prokurora və ona nəzarətin Baş prokurora verilməsi, əslində, başqa qurumlarda korrupsiya adı altında aparılan bəzi əməliyyatların, istintaq və təhqiqat hərəkətlərinin qarşısını alacaq. Artıq  biz biləcəyik ki, korrupsiya ilə bağlı hansı qurumda iş aparılır və buna nəzarət kimin üzərindədir. Bəzən özfəaliyyətə də son qoyulacaq. Bu, əslində, cənab Prezidentin vermiş olduğu 14 mart tarixli məlum fərmanın tərkib hissəsidir. Fərman verilərkən biz hiss etdik ki, bununla bağlı qanuna mütləq əlavə və dəyişikliklər ediləcəkdir. Hesab edirəm ki, vaxtında edilmiş əlavə və dəyişikliklərdir. Həmkarlarımı da bu dəyişikliklərə səs verməyə çağırıram. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Mən də tamamilə Sizinlə razıyam, Baş prokurora əlavə səlahiyyət vermək deyil, üzərinə ağır yük, böyük məsuliyyət qoymaqdır. İkinci, korrupsiyaya qarşı mübarizə üzrə dünyada ən böyük nailiyyət əldə edən Sinqapurdur. Sinqapurda da bu təcrübədən istifadə edilmişdir. Milli Məclis, bilirsiniz ki, Litva ilə birlikdə treninq proqramında iştirak edir. Eyni proqram Azərbaycan Respublikası və Litva prokurorluqları tərəfindən də qəbul edilib. Əksər Avropa ölkələrində də bu sistem həyata keçirilir. Bu sistemin həyata keçirilməsi öz səmərəsini verəcəkdir. İndi isə icazə verin, baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə söz verək. Sonra səsvermə keçirərik. Kamran müəllim, buyurun. 
K.Əliyev, Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  İlk növbədə icazə verin, qanun layihəsini qanunvericilik orqanı olan Milli Məclisə göndərdiyi üçün ölkənin siyasi rəhbərliyinə, ilk növbədə ölkə başçısı cənab İlham Əliyevə Baş Prokurorluğun rəhbərliyi adından minnətdarlığımı və təşəkkürümü bildirim. Baş Prokurorluğun rəhbərliyi belə bir qanun layihəsinin göndərilməsini və onun Milli Məclisdə müzakirəsini ilk növbədə prokurorluq orqanlarına böyük etimad kimi qəbul edir. Təbii ki, bu etimadla yanaşı, prokurorluq orqanlarının üzərinə, tamamilə doğru qeyd olunduğu kimi, məsuliyyət qoyulur.
Müzakirələr zamanı qeyd edildi. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2004-cü ildə ölkə başçısının fərmanı ilə yaradılmışdır və 2005-ci ildən fəaliyyət göstərir. Vaxtınızı çox almadan məlumat üçün bildirmək istəyirəm ki, idarə tərəfindən bu müddət, yəni 6 il ərzində 385 cinayət işi üzrə ibtidai istintaq aparılmış və 698 şəxs barəsində cinayət işləri tamamlanaraq baxılmaq üçün məhkəmələrə göndərilmişdir. İdarə yarandığı ilk gündən bu günə qədər ildən-ilə idarə tərəfindən istintaq olunmuş cinayət işlərinin sayı artmışdır.  Təbii ki, həm idarə özü fəaliyyət göstərmiş, həm də digər hüquq mühafizə orqanları ilə bu sahədə əməkdaşlıq etmişdir. Məlumat üçün bildirirəm ki, hazırda idarənin icrasında 70 cinayət işi üzrə istintaq aparılır və ilin əvvəlindən bu günə qədər 30 şəxs barəsində 16 cinayət işi tamamlanıb məhkəməyə verilmişdir.
Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində yaradılmış qaynar xətt mərkəzi barədə məlumat vermək istərdim. Bildiyiniz kimi, 2011-ci il martın 3-dən idarənin qaynar xətt mərkəzi fəaliyyət göstərir. Bu müddət ərzində qaynar xətt ilə 747 vətəndaşdan məlumatlar daxil olmuşdur. Onların bir neçəsi üzrə artıq cinayət işləri başlanmış, istintaq aparılır və digər məlumatlar üzrə araşdırmalar davam etdirilir. Yaxın vaxtlarda Baş Prokurorluq tərəfindən mətbuatda qaynar xətt mərkəzinin fəaliyyəti ilə bağlı açıqlama veriləcəkdir.
Hörmətli cənab Sədr, bir daha qanun layihəsi ilə bağlı aparılmış çox ətraflı və canlı müzakirələrə görə Sizə və millət vəkillərinə öz minnətdarlığımı bildirirəm. Ölkənin siyasi rəhbərliyini və millət vəkillərini prokurorluğun rəhbərliyi adından əmin etmək istəyirəm ki, bundan sonra da prokurorluq orqanları, o cümlədən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi qanunla üzərinə qoyulan vəzifələrin öhdəsindən gəlmək istiqamətində səylərini əsirgəməyəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələyə münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanunlar qəbul edildi. Bir daha qarşıdan gələn bayram günlərində sizə xoş ovqat arzulayıram. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi