2011-ci il 15 aprel tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
II SESSİYASI İCLASININ

PROTOKOLU № 13

Milli Məclisin iclas salonu.
15 aprel 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 97 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 97
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası He-sablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Məhəmmədəli Süleymanov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
Seyfəddin Talıbov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası He-sablama Palatasının şöbə müdiri.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.

* * *

Bəhrəm Əliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.
Arif Vəliyev, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun elmi katibi.
İslam İbrahimov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
2. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
3. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik və əlavə edilməsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Asəf Hacıyev, Siyavuş Novruzov, Fərəc Quliyev, Fəzail İbrahimli, Elton Məmmədov, İqbal Ağazadə, Hadi Rəcəbli, Fazil Mustafa, Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Heydər Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Elton Məmmədov, Zahid Oruc, Rafael Cəbrayılov, Fazil Mustafa, Mübariz Qurbanlı, Fəzail Ağamalı, Siyavuş Novruzov, Çingiz Qənizadə

Təklif: Qərar qəbul edilsin

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

3. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Əli Məsimli, Yevda Abramov, Fəzail Ağamalı, Elmira Axundova, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Aqil Abbasov, Nizami Cəfərov

Təklif: Qanun layihəsi birinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.52 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişiklik və əlavə edilməsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

15 aprel 2011-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 97
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Sağ olun. Gündəlik təsdiq olundu. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Asəf Hacıyev.
A.Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bu gün Azərbaycan cəmiyyətində baş verən hadisələr bütün Azərbaycan xalqını narahat edir. Bununla bağlı mən tarixə qayıtmaq istəyirəm. 1988-ci ildə Azərbaycana qarşı təcavüz başlandı və 1992-ci ildə bir qrup səriştəsiz, təcrübəsiz, dövlət anlayışından uzaq olan insan hakimiyyətə gətirildi. Bu proseslərin arxasında kimlər dururdu? Bu proseslərin arxasında erməni lobbisi ilə bağlı müxtəlif təşkilatlar və şəxslər dururdular. Onların şəxsi maraqları var idi. Bunun nəticəsində nə baş verdi? Ölkəmizin iqtisadiyyatı dağıldı. Ölkəmizdə anarxiya hökm sürdü və bunun nəticəsi kimi torpaqlar getdi. Yenə Azərbaycan xalqı erməni lobbisinin qurduğu tələyə düşdü.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldi və nəinki xalqı, hesab edirəm ki, ilk növbədə o zaman hakimiyyətdə duranları xilas etdi, çünki bu hadisələr baş verməsəydi, xalq və tarix onların cəzasını verəcəkdi. Amma görünür, bu tarix onlar üçün ibrət dərsi olmadı. Bu gün nə baş verir? Yenə həmin insanlar inkişafda olan, artıq dünyada yüksək nüfuza malik Azərbaycan dövlətində inkişaf proseslərini dayandırmaq, Azərbaycana xaos, dağıdıcılıq gətirmək istəyirlər. Azərbaycanın iqtisadiyyatını dağıtmaq istəyirlər. Bunun arxasında kimlər durur? Yenə də erməni lobbisi ilə bağlı olan təşkilatlar və siyasətçilər.
Artıq bu gün Azərbaycan o Azərbaycan deyil. Bu gün güclü Azərbaycan dövləti, müdrik Azərbaycan xalqı var və biz bu tələyə düşməyəcəyik. Baxın, bu gün Azərbaycanın Qərbdə strateji partnyorları var. Amerika Birləşmiş Ştatları, Avropa Birliyi ölkələri, qonşumuz Rusiya Azərbaycanın strateji partnyorlarıdır. Amma bir qrup insan Azərbaycanda dağıdıcılıq ilə məşğul olmaq və Azərbaycanın iqtisadiyyatını çökdürmək istəyir. Azərbaycan dövləti, Azərbaycan xalqı bütün vasitələrdən istifadə edib bunun qarşısını almalıdır. Azərbaycanda güclü dövlət, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin apardığı siyasət var. Azərbaycanda bu siyasət davam etdirilməlidir və biz anarxiyaya son qoymalıyıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həmkarım Asəf müəllimin fikirlərini davam etdirmək istəyirəm. Təəssüflər olsun ki, bəzi ölkələrin səfirləri və səfirlik nümayəndələri də həmin dağıdıcı qüvvələrlə, Azərbaycanın inkişafını gözü götürməyən, Azərbaycanın maraqlarına deyil, digər dövlətlərin maraqlarına qulluq edən insanlarla görüşlər keçirir, söhbətlər aparırlar. Sual olunur: Azərbaycanda siz akkreditasiya olunmusunuz və istənilən şəxslə, fərdlə görüşə bilərsiniz, nəyə görə Azərbaycanın bir milyondan artıq qaçqını ilə bir dəfə görüşməmisiniz? Nəyə görə indiyə qədər 9 yaşında şəhid olan uşağın ailəsinə gedib başsağlığı verməmisiniz? Nəyə görə Azərbaycanın 2 qəhrəman oğlunun nəşi Ermənistan tərəfindən müharibə qanunları pozularaq qaytarılmadıqda barmaq barmağın üstünə qoymamısınız? Bunlar insan hüquqları, insan azadlıqları deyilmi? Bəlkə bunlar Avropa Xartiyasında göstərilməyib? Hüquqlarını itirmiş insanlar var ki, onların pozulmuş hüquqları Avropa Xartiyasının bütün maddələri ilə üst-üstə düşür. Niyə indiyə qədər bunlarla maraqlanmırsınız? ATƏT-in nümayəndələri bilavasitə bununla məşğul olmalıdırlar, bu onların vəzifə borclarıdır.
Cəmiyyət tərəfindən boykot olunan insanlarla gedib görüşürsünüz. Parlament seçkilərində ikisi eyni dairədən namizədliyini verən iki adam koordinasiya şurasının üzvüdür. Bir-birinə güzəştə getmədilər. Xalqın marağında hansı güzəştə gedəcəklər? Bir ailədən 3 adam koordinasiya şurasına daxil olub. Hansı hesabata görə Azərbaycan xalqı sizi seçməlidir? İndiyə qədər dağıdıcılıqdan, ara qarışdırmaqdan, başqa dövlətlərə xidmət etməkdən başqa nə iş görmüsünüz?
Parlamentdən müxtəlif diplomatik nümayəndələrə sorğu göndərək ki, siz üzərinizə düşən vəzifələri yerinə yetirmisinizmi, növbəti vəzifə haqqında düşünürsünüz? Bu maraqlar sizdə haradan yaranır, Azərbaycanın inkişafı, Azərbaycanın regionda aparıcı dövlət olmasını gözünüz götürmədiyindən bu addımı atırsınız? Hamı bilir ki, həmin insanların heç bir sosial bazası, dayağı yoxdur. Bu və ya digər şəkildə insanları aldatmaqla, müəyyən vədlər verməklə, pul paylamaqla mitinqlərə dəvət edib nümayişlər keçirmək istəyiblər. Biz bunun dəfələrlə şahidi olmuşuq. Respublika üzrə 300–400-dən artıq adamı ətraflarına toplaya bilmirlər. Bu insanlarda hansı potensialı görürsünüz? Dəfələrlə Azərbaycanın marağını satmaq potensialını görmüsünüz? Bəli. Onlar hakimiyyətə gəlsələr, siz hansı havanı çalsanız o havaya oynamaq potensialını görmüsünüz. Sizi onlarla birləşdirən məhz bu maraqdır və biz bu maraqların hamısına “yox” deyəcəyik.
Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Dəyərli millət vəkilləri, məndən əvvəl danışanların fikirlərinə münasibət bildirim. İndi ölkədə xaos yaratmaq istəyən adamlar özlərini hərəkatın nümayəndələri və Elçibəy məktəbinin davamçıları kimi təqdim etmələrinə baxmayaraq, bu belə deyil. Bizim, gerçək millətçilərin mövqeyi tamam fərqlidir. Mən Amerika İslam dünyasının forumunda ərəb və Amerika siyasətçiləri ilə danışan Amerikanın dövlət katibi Hillari Klintonun bir fikrinə müraciət etməyə məcbur oldum. O bildirir ki, Yaxın Şərq xalqları əsl siyasi və iqtisadi islahatlar aparacaqlarmı və ya “ərəb yazı” nəticə etibarilə vacib dəyişikliklər həyata keçirməyən ilğım olacaq? Bu hələ aydın deyil. Yəni “Ərəb yazı” adlı layihə əsasında Yaxın Şərqdə eksperiment aparılıb. Taleyin hökmünə buraxılan ərəblərin taleyini, təbii ki, biz yaşamamalıyıq. Bu bizim mövqeyimizdir.
Ərəblər bizdən fərqli olaraq başqa dövlət ilə müharibə vəziyyətində deyildirlər. Buna baxmayaraq, bu bölgədə böyük bir xaos yaranıb. İndi də xaos yaşanır və bu, aysberqin görünən hissəsidir. Bu acı tale və təcrübədən nəticə çıxararaq Azərbaycan öz taleyini özü müəyyənləşdirməlidir, yəni həmin eksperimentdən bir dərs almalıyıq. Heç bir legitimliyi olmayan və legitim orqanları tanımayan birliklə – “İctimai palata” ilə danışıq aparan bir çox beynəlxalq təşkilatların və diplomatik korpus nümayəndələrinin görüşləri xalqdan gizlədilməməlidir. Əgər bu danışıqlar normal danışıqlardırsa və Azərbaycanın xeyrinədirsə, onlar rəğbət qazana bilərlər. Bəs rəğbət qazanarlarsa, niyə gizlədirlər? Deməli, burada normal məsələlər yoxdur. Bu adamların həm müxalifətə sertifikat vermələri və kimlərlə danışıqlar aparmalarını özlərinin müəyyənləşdirmələri düzgün deyil.
Hesab edirəm ki, burada başqa bir şübhəli məqam da ortaya çıxır. Nə üçün parlamentdə təmsil olunan partiyalarla və millətçi kəsimi özündə birləşdirən və ya onları təmsil edən adamlarla danışıq aparılmır? Bunun özü də ciddi bir sualdır. Ona görə bu məsələyə toxundum ki, 2005-ci ildə də oxşar danışıqlar getmişdi. Günün birində Qələbə meydanında narıncı köynəkli liderlərdən biri elan etdi ki, Qərb bizi aldatdı. Günün birində yenə bu fikir səslənəcək, yoxsa səslənməyəcək? Bu da çox ciddi məsələdir. Ölkənin taleyi ilə bağlı məsələləri ölkədə olan, ölkənin taleyinə laqeyd olmayan bütün siyasi qüvvələr birlikdə müzakirə etməlidir. Xarici qüvvələrin həmin məsələləri müzakirə etməsinə ehtiyac yoxdur.
Mən dövlət maraqlarımızın qorunması naminə parlamentdən adekvat davranış tələb edirəm. Hesab edirəm ki, Azərbaycanda oxşar eksperiment cəhdinin olub-olmamasını araşdırmaq üçün parlament komissiyası yaradılmalı və bu komissiyaya ekspertlər daxil edilməlidirlər. Biz diplomatik korpus nümayəndələrinin burada hansı işlərlə məşğul olmalarını araşdırandan sonra ehtiyac yaranarsa, bəzilərinin “persona non qrata” elan olunması...
Sədrlik edən. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Mən fikrimə 1920-ci illərdə İtaliyanın Baş naziri işləmiş Nittinin bir fikri ilə başlamaq istərdim. O yazırdı: “Avropa dövlətləri nə vaxt Türkiyədən nəyi isə qoparmaq istəyəndə genosid yada düşür. Avropa dövlətləri nə vaxt isə Türkiyəyə nəyi isə vermək istəməyəndə genosid yada düşür”. Bu gün yenə də yada düşüb. Xarici dövlətlərin, onların buradakı səfirliklərinin atdıqları addımlarda bu, aydın hiss olunur. Hesab edirəm ki, Azərbaycanın daxili problemləri Azərbaycan daxilində həll olunmalıdır. Səfirliklər ölkənin daxili işlərinə birbaşa müdaxilə edir, öz səlahiyyətlərindən kənara çıxır, iqtidar–müxalifət bölgüsü aparırlar. Kimdir iqtidar, kimdir müxalifət? Bunu cəmiyyətdə hər kəs bilir. Xarici dövlətlərin ağuşuna atılmaq, onların dediyi ilə oturub-durmaq heç kəsə axıra qədər uğur gətirməyib.
Gəlin tarixin acı dərslərinə bir nəzər yetirək. Səddam Hüseyni qızışdırıb silahlarla təmin etdilər, İranla 10 il müharibə apardı. İran və İraq xalqlarının qanı axdı. Sonradan Səddam Hüseyni silahlandıran həmin qüvvələr Səddam Hüseynin boğazına ip keçirdilər. 32 il Amerikanın ağuşunda yaşayan, onun siyasi xəttini irəli sürən və bu gün Misirdə məhkəmə qarşısında duran Hüsnü Mübarəkin taleyi gözümüzün qabağındadır. Fransada prezident seçkilərini maliyyələşdirən Liviya Prezidentinin taleyi gözümüzün qabağındadır. Bütün bu misalları ona görə deyirəm ki, xaric Azərbaycana sevgidən yox, ancaq Azərbaycanın siyasi sabitliyinin pozulmasına, Azərbaycanın artan qüdrətinin, regiondakı mövqeyinin zəiflədilməsinə və Qarabağ probleminin həllinin uzadılmasına rəvac verən addımlar atır.
Hər bir Azərbaycan vətəndaşı bu gün öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Azərbaycanın əldə etdiyi siyasi sabitlik, regiondakı gücü, qüdrəti hər bir azərbaycanlını sevindirməlidir. Azərbaycanda iqtidarın da, müxalifətin də konstitusion hüquqları var. Hər bir kəs bu hüquqlar daxilində hərəkət etməlidir. Daşla, kəsəklə, küçə dava-dalaşı ilə deyil, sivil formada. Bu gün fitva verənlərin, münasibətləri qızışdıranların arxasında, – burada qeyd edildi, – dünya erməni lobbisinin istəyi durur. Azərbaycanın haqq səsinə qarşı bu münasibətin arxasında Azərbaycanı didmək, parçalamaq, zəiflətmək, özlərindən asılı vəziyyətə salmaq və bizim hər birimizin problemi olan Qarabağ...
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Hörmətli cənab Sədr, bu gün cəmiyyət və dövlət, hakimiyyət üçün əhəmiyyət kəsb edən məsələyə toxunmaq və bununla bağlı münasibətimi bildirmək istərdim. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün iqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir. Ölkəmizin demokratiya və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı ciddi addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Bütün bunları görməyən və görmək istəməyən radikal müxalifət partiyaları və onların təmsilçiləri əhali, xüsusilə də gənclər arasında çaşqınlıq yaratmaqla böyük zəhmət bahasına əldə edilmiş mövcud sabitliyi pozmağa cəhd edirlər. Bu insanlar heç də xalqın mənafeyini, dövlətçiliyi, Dağlıq Qarabağ probleminin həllini və Azərbaycanın ərazi bütövlüyünün bərpasını düşünmürlər.
Radikal müxalifət ictimai gərginliyi artırmaq, cəmiyyətdə çaşqınlıq yaratmaq taktikasını seçib. Onların provokasiya məqsədli aksiyaları heç də dinc xarakter daşımır. Bunu 2 aprel hadisələri göstərdi. Çox düzgün olaraq hüquq mühafizə orqanları bu provokasiyalara getmədi, qanun çərçivəsində hərəkət etdi. Rəsmi icazə verilməyən yerlərdə səs-küy salmaq, insanların dincliyini pozmaq, günü-gündən abadlaşan, müasirləşən şəhərimizin obyektlərini dağıtmaq, əhaliyə ziyan vurmaq, ölkənin imicinə xələl gətirmək radikal müxalifətin məkrli məqsədidir. Lakin radikalizmi və aqressivliyi qəbul etməyən Azərbaycan cəmiyyətində iğtişaş törətmək, sabitliyi pozmaq qeyri-mümkündür.
Radikal müxalifətin bu hərəkətlərinə ölkə əhalisi qətiyyətlə etirazını bildirir. Bunu əhalinin, seçicilərin millət vəkillərinə göndərdikləri çoxsaylı müraciətlər də təsdiqləyir. Hörmətli cənab Sədr, belə müraciətlər şəxsən ərazisindən deputat seçildiyim Ucar rayonundan da parlamentə daxil olub. Prezident Administrasiyasına, hüquq mühafizə orqanlarına da belə müraciətlər edirlər. Əhali bu cür qanunsuz aksiyaların, hərəkətlərin qarşısını qətiyyətlə almağı dövlətdən və hökumətdən tələb edir. Mənə olan müraciətlərdə də bildirilir ki, bəzi özəl televiziya kanalları icazəsiz aksiyaları təkrar-təkrar işıqlandırırlar. Əhali, ziyalılar, dövlətçilik, sabitlik mövqeyində olan gənclər buna etirazlarını bildirir, müvafiq tədbirlər görülməsini tövsiyə, tələb edirlər. Hesab edirəm ki, biz, millət vəkilləri də radikal müxalifətin bu hərəkətlərinə, pozğunluq fəaliyyətinə qarşı qəti mövqe tutan ölkə ziyalılarının, dövlətçilik mövqeyində duran gənclərimizin yanında olmalıyıq, onlara dəstək verməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Hörmətli cənab Sədr, millət vəkilləri! Məndən əvvəl çıxış edən hörmətli millət vəkilləri öz narahatlıqlarını ifadə etdilər və baş verən hadisələrdən narahat olduqlarını bildirdilər. Mən də hadisələrdən çox narahatam. Amma başqa istiqamətdə. Azərbaycanın təhsil sistemi Bolonya sisteminə keçidi diktə edir və bununla bağlı çoxsaylı müraciətlər olur. Amma mitinqdə həbs edilən gənclər haqqında heç bir məhkəmə qərarı olmadan 3 gənci universitetlərdən xaric edirlər və adını qoyurlar ki, bu tələbələrin ya kəsiri var idi və ya da dərsə gəlməmişlər. Barələrində məhkəmə qərarı olmayan şəxslərin bu şəkildə xaric edilməsi, təbii, onların siyasətə və siyasi proseslərə münasibətlərindən doğur.
Əslində, mən də bundan narahatam. Bəli, Bakı şəhərində mitinqlərin keçirilməsindən narahat olan hörmətli millət vəkillərinə xatırladıram, biz də bundan narahatıq ki, Bakı Şəhər İcra Hakimiyyəti 11 rayonun hər birində mitinqin keçirilməsi üçün yer müəyyən etməlidir. Amma təəssüflər olsun ki, Bakı Şəhər İcra Hakimiyyəti qanunun aliliyi prinsipini rəhbər tutmur, yalnız Bakı şəhərinin bir rayonunda – Səbail rayonunun Bibiheybət məscidinin ətrafında gözdən-könüldən uzaq bir yerdə mitinq üçün yer ayırır. Əslində, narahat olmalı məqamlar budur.
Mən də səfirlərin və beynəlxalq diplomatik korpusun Milli Məclisdə tənqid edilməsindən narahat oluram. Bakıda fəaliyyət göstərən beynəlxalq diplomatik korpus hansı işlə məşğul olduğunu kifayət qədər ciddi araşdırır və dövlətləri qarşısında sorumludur. Nədən Azərbaycan dövləti, beynəlxalq təşkilatlar və diplomatik korpus arasında Milli Məclis, deputatlar vasitəsilə süni gərginlik yaradılır? Hansı gizli məsələləri müzakirə ediblər? Dövlət çevrilişinəmi çağırış ediblər, müxalifətlə görüşlərdə onlara qanunsuz maliyyə vəsaitimi veriblər, yönləndirici xarakterli mövqelərmi ifadə ediblər? Sadəcə, demokratiya heç bir ölkənin daxili problemi olmadığı üçün görüşüb ölkədaxili məsələləri müzakirə edirlər. Mütəmadi olaraq müxalifətlə iqtidarın bir yerdə keçirdiyi görüşlər də olur. Ayrı şəkildə keçirdiyi görüşlər də olur. İndiyə qədər hakim partiyanın nümayəndələri beynəlxalq təşkilatlarla və akkreditasiya olunmuş səfirlərlə ikitərəfli görüşlər keçirməyiblərmi?
Hesab edirəm ki, bu cür münasibətlər Azərbaycan dövlətinin və dövlətçiliyinin ziyanınadır. Azərbaycan dövləti və dövlətçiliyinin ziyanına olan münasibətləri başqa yerdə axtarmaq lazımdır. Biz beynəlxalq təşkilatlarla da, həmin ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri və dövlətləri ilə də strateji tərəfdaşlıq münasibətlərindəyik. Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında ölkə Prezidenti də dəfələrlə mövqe bildirib. Dünən səfir də bununla bağlı mövqe bildirdi. Ayrı-ayrı siyasi adamların buna münasibət bildirməyi, hesab edirəm, gərginlik yaratmaqdan başqa heç bir şey deyil. Demokratiya heç bir xalqın iç problemi deyil, dünya bu gün həmin məsələyə...
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli cənab Sədr, mən dünən Lənkəranda çoxsaylı görüşlər keçirmişəm. Əhalinin bütün qrupları ilə keçirilən bu görüşlərdə narahatlıqdan çox işgüzarlıq, dövlət başçısı ətrafında birləşmək istəyini gördüm. Bu gün onların fikirlərini burada ifadə etmək istəyirəm. Bu görüşlərin biri pensiyaçılarla keçirildi. 2006-cı ilə qədər pensiyaya çıxanların pensiyaları ilə bağlı hamımızı narahat edən, uzun müddət cəmiyyətdə narazılıq doğuran uyğunsuzluğun aradan qaldırılması ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çox cəsarətli, müdrik və vaxtında verilmiş siyasi qərarı alqışlanmalıdır. İman sahibi olan bu insanlar möhtərəm Prezidentimizə dualar etdilər, onu Allaha tapşırdılar. Onlar çıxışlarında qeyd edirdilər ki, boş-boş söhbətlərdənsə, ara qarışdırmaqdansa, işlə məşğul olmaq, möhtərəm Prezidentimizə bu sahədə kömək etmək lazımdır.
Oqtay müəllim, 3 gündür bizim komitəyə yüzlərlə telefon zəngləri, məktublar daxil olur. Yadınıza gəlirsə, parlamentdə dəfələrlə bu mövzu çözülmüşdü. Hətta hörmətli deputat həmkarım Arif müəllimin, Elmira xanım Axundovanın rəsmi məktubu vardı ki, bu məsələlərə əncam çəkilsin. Açığını deyim ki, çox ağır və çətin məsələ idi. Bunun həm maliyyə tutumu böyük, həm də texniki tərəfdən icrası olduqca çətin idi.
Möhtərəm Prezidentimiz təxminən 400 milyon manat civarında maliyyə tutumu olan məsələ ilə bağlı siyasi qərar verdi. Bu qərar 900 min pensiyaçının pensiyasının artmasına xidmət edəcəkdir. Bu addım bir daha göstərir ki, möhtərəm Prezidentimizin dövlət quruculuğu modelində insan amili, sosial müdafiə elementləri öndə gedir. Bu adamlar məndən xahiş etdilər, mən parlamentin divarları arasında bunu bir daha səsləndirim ki, bir qrup siyasi dayağı olmayan insanların ara qarışdırmasının qətiyyən əhəmiyyəti yoxdur. Lənkəranda yüksək əhval-ruhiyyə var və insanlarımız möhtərəm Prezidentimizin ətrafında sıx birləşiblər. Bu bir daha göstərdi ki, Prezidentimiz daim əhalinin sosial cəhətdən az qorunan hissəsini müdafiə edir, bunun üçün ardıcıl addımlar atır. Mən bir daha möhtərəm Prezidentimizə bizim komitənin bütün üzvləri adından minnətdarlığımı və dərin təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, diplomatik korpus nümayəndələrinin ölkədəki müxalifət partiya təmsilçiləri ilə görüşmələrində heç bir qəbahət yoxdur. Onlar həm iqtidar, həm də müxalifət partiyaları ilə görüşə bilərlər və bunu da irad kimi səsləndirmək doğru olmaz. Amma məni narahat edən 20 ölkənin diplomatik korpus təmsilçilərinin bu görüşlə bağlı özlərinin gətirdikləri dəlildir. Onlar bildirdilər ki, bizi dəvət etdilər, biz birlikdə bu görüşə getdik. Heç 20 nəfəri bir yerdə qonaqlığa yığıb aparmaq mümkün olmur. Necə olur, bir təşkilat, vahid orqanizm olmayan bir qüvvə eyni vaxtda eyni yerə gedir? Açıqca söyləmək lazımdır. Əgər diplomatik korpus səmimidirsə, açıqca söyləsin ki, biz müxalifətin inqilabi dəyişikliklər istəyən, xariclə müəyyən əlaqələri olan qüvvəsini dəstəkləyirik. Burada nə qəbahət var? Siz, doğrudan da, bütün müxalifət partiyaları ilə bərabər məsafədəsiniz?
Neçə müddətdir, biz parlamentdə konstitusiya dəyişiklikləri ilə bağlı islahat paketi, antikorrupsiya strategiyası təqdim etmişik. Təbii ki, Azərbaycan hakimiyyəti nə küçədəki müxalifətin sözünü eşidir, nə də parlamentdə müxalifətin hansısa bir təklifini diqqətə alır. Amma maraqlıdır ki, demokratiyadan danışan xarici korpus təmsilçiləri də Azərbaycanda məhz bu istiqamətdə addım atırlar. Bu, yanlış bir addımdır. Bütün qüvvələrə bərabər məsafədə olub, inqilabi dəyişiklik, küçələrdə qarışıqlıq yaratmaq istəyən qüvvələrə münasibətiniz nədirsə, heç olmasa, cəmiyyətdə islahat yolu ilə dəyişiklik etmək istəyən müxalifət qüvvələrinə də münasibətinizi ortaya qoymalısınız. Siz, 20 nəfər bir araya toplanırsınız. Azərbaycan torpağının 20 faizi işğal olunub. Əgər, doğrudan da, ədalət carçılarısınızsa, ölkədə ədalətin bərpa olunmasını istəyirsinizsə, bəlkə bilet alıb sizi Yerevana göndərək? Orada hərəniz 1 faiz torpağımızın qaytarılmasına yardımçı olarsınızsa, elə 20 faiz alınar. Bununla da siz Azərbaycan xalqı qarşısında böyük bir ədalət addımını atmış olarsınız.
Mən hesab edirəm ki, bu kimi məsələlərdə artıq hakimiyyət müxalifətlə, xüsusilə də islahat təklifləri ilə çıxış edən, ölkənin demokratikləşməsinə çalışan müxalifətlə münasibətlərini də ayırd etməlidir. Bu gün xarici qüvvələrin əlində bir kəşfiyyat işçisinə çevrilən Azərbaycan müxalifətini xilasetmə yolunu düşünməlidir. Ona görə də daha demokratik, şəffaf münasibətlər sistemi qurulmalıdır ki, ölkədə hamının bu islahatlarda rolu, islahatlara təsiri olsun. Mən hesab edirəm ki, bu istiqamətdə bir-birimizi anlayaraq addımlar atmağımız vacibdir.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. “Milli maraq” deyilən bir anlayış var. Hər bir ölkənin vətəndaşı ilk növbədə milli marağı qorumalıdır. Radikal müxalifətin son vaxtlar Bakı şəhərində qarşıdurma yaratmaq cəhdləri milli maraqdan tamamilə uzaqdır. Həmin radikal qanadın rəhbərliyində duran şəxslərin tarixi keçmişi, siyasi fəaliyyəti də bir daha sübut edir ki, onlar hər zaman Azərbaycanın milli maraqlarına ziyan vurmuşlar. Bu gün Azərbaycan dövləti Ermənistan istisna olmaqla, bütün dövlətlərlə normal siyasi-iqtisadi münasibətlərə malikdir. Bu gün 145 dövlətlə ticarət, iqtisadi əlaqələr saxlayırıq. Azərbaycan Qərb dövlətləri ilə də, Asiya ölkələri ilə də, qonşuluqda olan ölkələrlə də çox sıx münasibətlərə malikdir. Ona görə də bəzən çıxışlar edilərkən belə bir təəssürat yaranmasın ki, guya radikal müxalifətin nümayəndələrini, rəhbərlərini Qərbdə kimlərsə dəstəkləyir. Mən əminəm ki, Qərb dövlətlərinin rəhbərlərinin heç biri İsa Qəmbərin və Əli Kərimlinin mövcudluğundan xəbərdar deyildir. Yəni bilmirlər ki, bu adamlar var və ya yoxdur.
Qərb dövlətlərinin Azərbaycana gələn rəsmi nümayəndələri, yüksək səviyyəli xarici siyasət rəhbərləri bir dəfə də olsun həmin radikal nümayəndələrlə görüşməyiblər. Ona görə görüşməyiblər ki, onların Azərbaycan cəmiyyətində hansısa bir gücə malik olmadığı həmin Qərb rəhbərlərinə aydın şəkildə məlumdur. Bəs onda sual ortaya çıxır ki, radikal müxalifətin xaricdən bu və ya digər formada dəstək alması tezisi nədən ortadadır? Amerika Birləşmiş Ştatları Konqresində, Fransa parlamentində, Rusiya Dövlət Dumasında, lap elə İran parlamentində erməni lobbisi ilə bağlı olan siyasətçilər var, bu, gizli deyil. Bizim radikal müxalifət bu və ya digər formada həmin xarici dairələrin əlində bir alətə çevrilmişdir.
Bu gün Azərbaycanda hər hansı bir qarşıdurma, xaos olarsa, bundan kim qazanacaqdır? Əlbəttə, bundan bizə təcavüz edən Ermənistan qazana bilər. Azərbaycan cəmiyyəti radikal müxalifətin bu hərəkətlərini qətiyyətlə pisləyir, cəmiyyət onlara qarşıdır. Hakimiyyətdən çox cəmiyyətin bütün təbəqələri radikalizmin və onların törətdikləri əməllərin əleyhinədir, çünki Azərbaycan cəmiyyəti hər şeyi görür. Liviyada baş verən hadisələr zamanı 10 min liviyalı həlak olub. Məgər bizə qarşıdurma yaradıb düşmənə xeyir verən addımlar atmaq lazımdırmı? Lazım deyil. Ona görə də mən əminəm ki, radikalizm iflasa uğrayıb və onların Azərbaycanda heç bir dayağı yoxdur.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Burada İqbal Ağazadə, səhv eləmirəmsə, belə bir fikir səsləndirdi ki, guya Azərbaycanda kimlərsə, o cümlədən də parlamentin üzvləri kimlərinsə mitinq keçirmək cəhdlərindən narahatlıq keçirirlər. Xeyr. Güman edirəm ki, Azərbaycanda heç kim, nə iqtidar, nə də Azərbaycan parlamentində təmsil olunanlar çox az sayda tərəfdarları olan insanların mitinq keçirmək cəhdlərindən, polislə toqquşmalara getməklə ictimai-siyasi sabitliyi pozmaq istəklərindən narahatlıq keçirir. Çünki onların bu yolla hər hansı bir nailiyyətə və istəklərinə nail olmaq parametrləri yoxdur.
Məncə, bu gün Azərbaycanda insanları düşündürən və sözün həqiqi mənasında müəyyən qədər narahatlıq yaradan tamamilə başqa bir məsələdir. Bu da Azərbaycanın radikal müxalifətinin ideologiyasına çevrilməkdə olan düşmənçilik psixologiyası və əhval-ruhiyyəsidir. Kiminsə Azərbaycan hakimiyyətində təmsil olunması yetər ki, radikal müxalifət ona düşmən kimi baxsın. Kimin isə Azərbaycan parlamentinin üzvü olması yetər ki, o da Azərbaycan müxalifətinin radikal qanadı üçün artıq düşmənə çevrilsin. Yetər ki, kimsə azacıq yaxşı yaşasın, o da artıq radikal müxalifət üçün düşmənə çevrilir, onun nifrət obyekti olur. Nəticə etibarilə bütün bu düşmənçilik ab-havası və ideologiyası radikal müxalifətin ideologiyasına çevrilir, əslində, Azərbaycana qarşı dönmüş olur.
Bu dediklərim mənim fantaziyamın məhsulu deyil, Azərbaycan həqiqətinin müxalifətlə bağlı reallıqlarıdır. Mən ikicə faktı demək istəyirəm. Təxminən bir il bundan əvvəl Avropa ölkələrində mahnı müsabiqəsi keçirilərkən bir müxalifətçi öz oğlu ilə birlikdə həmin müsabiqədə iştirak edən azərbaycanlı ifaçını yox, ermənini dəstəklədi və sonra bu hərəkətinə Azərbaycan iqtidarına nifrəti ilə haqq qazandırmağa çalışdı. Sabah yenə də başqa bir məqam gələndə kiməsə nifrətini əldə əsas gətirərək ermənilərə dəstək olacaq. Bizim narahatlığımız bundandır.
İkinci fakt. Azərbaycan müxalifətinin radikal qanadının nəzarətində olan qəzetləri səhifələmək yetərlidir ki, hər gün bu səhifələrdə Azərbaycan vətəndaşına, istənilən ziyalıya, vətənpərvərə qarşı düşmənçilik əhval-ruhiyyəsi və psixozunu eyni şəkildə görəsən. Nəticə etibarilə bütün bunların hamısı, dediyim kimi, Azərbaycana qarşı düşmənçiliyə, nifrətə çevrilir. Gələcəkdə bu, əlbəttə, qorxulu bir məqama gətirə bilər. Azərbaycan parlamentinin və Azərbaycanın hər bir şüurlu, düşünən insanının qarşısında duran məqsəd ondan ibarət olmalıdır ki, bu düşmənçilik əhval-ruhiyyəsinin genişlənməsinin qarşısı...
Sədrlik edən. Sağ olun. Artıq yarım saatdır müzakirə edirik. Bahar xanım, buyurun.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən Əli müəllimin bir fikrini davam etdirmək istəyirəm. O söylədi ki, “yetər ki, kimsə bu parlamentin üzvü olsun, dərhal radikal müxalifət ona düşmən kəsilir”. Bu gün onlar təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə düşmənçilik hissi bəsləmirlər, həm də parlamentdə təmsil olunan müxalifətin digər nümayəndələrinə belə düşmənçilik hissi onlara hakimdir. Bəyəm İqbal Ağazadəni qucaq açıb istəyirlər? “İctimai palata” adlanan oyuncaq bir quruma “İqbal Ağazadə gəlməsin” söyləyirlər. Fazil Mustafa və yaxud müxalifəti təmsil edən digər insanlar bəyəm xalqa düşməndirlər, onlara düşmən kəsiliblər? Özlərinin xarici havadarları ilə birlikdə bu insanları müxalifət hesab etmirlər. Onların müxalifət düşərgəsinə mənsub olub-olmadığını onlara səs verən seçicilər müəyyən ediblər. Onların istər parlament çərçivəsində, istərsə də ondan kənarda gündəlik fəaliyyəti bunu sübut edir.
Kimsə də bunu belə qələmə verməsin ki, Yeni Azərbaycan Partiyasının nümayəndəsi parlamentdəki konstruktiv müxalifətin tərəfindən çıxış edir. Yox. Sadəcə, mən həmin fikri bir az daha qüvvətləndirmək üçün misal gətirmək istəyirəm. “Bu gün narahatlığa əsas yoxdur” deyənlərlə mən şərikəm. Amma eyni zamanda, bizim narahatlığımızı qeyri-adi qəbul edənlərə də üzümü tutub demək istəyirəm ki, nədən siz mənim, onun, qeyrisinin bu parlamentdə xalqın və dövlətin marağına uyğun məsələlər mövqeyindən çıxış edərək narahatlığımızı qəbul etmək istəmirsiniz, amma səfirlərin bizim bu narahatlığımızdan narahat olacaqlarının qeydinə qalırsınız? Onlar da Azərbaycanın strateji müttəfiqidirlər. Niyə bütün məqamlarda biz bunu düşünməli və hərəkətlərimizə məhdudiyyət qoymalıyıq? Həmin insanların bu və ya digər hərəkətlərini adı ilə deməməliyik ki, biz onlarla strateji müttəfiqik?
Bəyəm Amerika Birləşmiş Ştatlarının, həmin görüşdə iştirak edən digər ölkə səfirliklərinin nümayəndələri düşünmürlərmi ki, bu hərəkətləri Azərbaycanla münasibətlərə xələl gətirə bilər? Qoyun onlar da bir az narahat olsunlar. Elə narahatlıq hər zaman bizim payımızamı düşüb? Bütün məsələlərdə günahı bizdə görməyi, bizim güzəştə getməyimizin vacibliyini vurğulayanlara demək istəyirəm ki, bizi başqalarının qarşısında daim borclu hesab etməyiniz yetər. Bizim heç kəsə borcumuz yoxdur. Həmin ölkələrin iqtidarları bu bölgədə maraqlara malikdirlər. Həm iqtisadi, həm siyasi, həm də digər maraqlara malikdirlər. Bu maraqları da yerinə yetirmək istəyirlərsə, bizim maraqlarımıza da hörmət etsinlər.
Azərbaycanda müstəqil dövləti qoruyub saxlamaq, onun dönməzliyini təmin etmək Azərbaycan xalqının əzəli və əbədi hədəfidir. Bu hədəfə getmək yolunda kim bizə mane olacaqsa, onun kimliyindən asılı olmayaraq sözümüzü deyəcəyik. Necə ola bilər ki, siz əlimizlə qurub yaratdığımız, min bir əzab-əziyyətlə başa gətirdiyimiz dövlətin dağılması, bu dövlətə ziyan vurulması istiqamətində hər hansı səylərdən, cəhdlərdən narahat olmursunuz, hansısa səfirlərin ünvanına söylənən fikirlər sizi narahat edir? Mən həmin səfirlərin yerinə olsaydım, bu məsələ ilə bağlı izahat verərdim. Mətbuatda və ictimai gündəmdə belə bir fikir var ki, həmin görüşdə maliyyə məsələləri ilə əlaqədar söhbət olub. Qoy buna açıqlama versinlər. Niyə bununla bağlı açıqlama vermirlər ki, belə bir söhbət olmayıb.
Yaxud da deyirsiniz ki, onlar bizimlə və istənilən siyasətçilərlə görüş keçirə bilərlər. Bəli, keçirirlər. Biz burada görüş keçirəndə Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin nümayəndəsi bizim yanımızda oturur. Televiziya çəkir, mətbuatın nümayəndəsi iştirak edir. Lazım olan məqamların hamısını istənilən vaxt ortaya çıxarmaq mümkündür. Orada hansı mətbuat nümayəndəsi iştirak etmişdi və yaxud etmişdisə, niyə materiallar mətbuata açıq şəkildə çıxmadı? Bizdən şəffaflıq tələb edən dairələr niyə özləri qeyri-şəffaf fəaliyyət göstərirlər? Bir az da özümüzü sevmək lazımdır. Özümüzə hörmət etmək və öz maraqlarımızı başqalarının maraqlarından üstün tutmaq lazımdır. Buradakı narahatlıqlar məhz bu mövqedən irəli gəlir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Bir çox deputat bir neçə siyasi partiya ilə bəzi beynəlxalq təşkilatların, eləcə də səfirliklərin nümayəndələrinin görüşlərindən narahat olduqlarını bildirirlər. Mən də bu görüşlərdən narahat olduğumu bildirirəm. Narahatlığımı nəyə görə bildirirəm? Çünki Bahar xanımın dediyi kimi, bizə həmişə şəffaflıqdan dərs keçənlər, mediaya açıq olmaqdan mühazirə oxuyanlar özləri qapalı iclas keçirirlər. Söyləyin görək, hansı qəzetdə bu iclas haqqında kiçik bir məlumat verilib? Heç birində. Yəni burada müzakirə edilən məsələlərin hansı istiqamətdə olduğunu bilən yoxdur. Bunu ictimaiyyətə açıqlamaq lazımdır. Əgər onlar düzdürlərsə, təmizdirlərsə, ictimaiyyətə açıqlamalıdırlar.
Biz bunların hamısını düzgün başa düşməliyik. Burada əyləşən bütün deputatlar bilməlidirlər ki, Azərbaycanın inkişaf yolunda əldə etdiyi nailiyyətlər, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətinin uğurları heç də hamının ürəyincə deyil. Mən tam səmimi deyə bilərəm, Prezidentimizin apardığı müstəqil siyasət bir çoxlarının ürəyindən deyil. Biz belə məsələlərə, hərəkətlərə hazır olmalıyıq. Biz bilməliyik ki, belə məsələlərlə yenə üzləşə bilərik. Mən çox şad olardım ki, belə birlik nümayiş etdirə bilən beynəlxalq qurumlar həmin birliklərini Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ probleminin həllinə yönəltsinlər. Onda bunu xalq da, ictimaiyyət də çox yüksək səviyyədə qarşılayar. Ancaq bu görüşlərin hansı məqsədə, hansı mərama dəstək olduğunu fikirləşəndə, biz də bunlarla razılaşmırıq. Nəyə görə Milli Məclisdə təmsil olunmuş digər siyasi partiyalar bu sırada yoxdurlar?
İqbal Ağazadə çıxış etdi, bir az tərəf saxlayır, ona görə ki, artıq siyasi partiyalar arasında narazılıq yaradırlar. Deyirlər ki, Milli Məclisdə tək müxalifət partiyası Ümid Partiyasıdır. Yəni bu qarşıdurmanı yaratmaqla bizim aramıza ikitirəlik salırlar. Mən hesab edirəm ki, əgər ictimai həyatda, Milli Məclisdə təmsil olunan siyasi partiyalar varsa, ilk növbədə onlarla işləməlidirlər. Ölkənin ziyalıları, hörmətli şəxsləri ilə işləməlidirlər. Yoxsa Azərbaycana xələl gətirmək, Azərbaycanın inkişafına zərər vurmaq istəyən bir qrup insana qoşulacağıq? Bütün bu qüvvələr bilməlidirlər ki, Azərbaycan öz müstəqil siyasəti yolundan qayıtmayacaq, dönməyəcək, öz inkişafını davam etdirəcək. Ona görə hər kəs Azərbaycana qarşı olan təhdidləri artıq bilməli və buna hazırlıqlı olmalıdır.
Mən bununla müzakirələrə son qoymaq istəyirəm, xahiş edirəm, gündəliyə başlayaq. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqındadır. Buyurun, Hesablama Palatasının sədri Heydər Əsədov.  
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Çıxışıma başlamazdan öncə mən əvvəlki illərdə olduğu kimi, hesabat ilində də Hesablama Palatasının maddi-texniki bazasının və eləcə də palatanın fəaliyyətinin gücləndirilməsinə verdiyi dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz səmimi təşəkkürümü, minnətdarlığımı bildirirəm. Verdiyiniz tövsiyələrə, təkliflərə, işimizin təkmilləşdirilməsinə dair etdiyiniz hər bir tövsiyəyə görə, hörmətli millət vəkilləri, sizə və cənab Sədr, Sizə palatanın kollektivi adından minnətdarlığımı bildirirəm.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hər birinizə bəllidir ki, hələ 3 il bundan öncə dünya birliyində başlamış qlobal iqtisadi böhran bu birliyə, onun iqtisadi sisteminə yeni çağırışlar etməyə başladı. Təbii ki, bu çağırışların nəticəsi olaraq dünya birliyinin qlobal mənəvi birliyi və gördüyü iqtisadi tədbirlər nəticəsində qlobal böhranın fəsadları müəyyən mənada aradan qaldırılsa da, hazırkı dövrə qədər dünya iqtisadiyyatında baş verən disproporsiyalar hələ də davam edir. Vaxtaşırı olaraq dəyişən bu çağırışlar dünya iqtisadiyyatına ağır zərbələr vurur.
Bir neçə dəfə bu parlamentdə biz qeyd etmişik. Əvvəlcə ərzaq, enerji təhlükəsizliyi problemi, bir sıra dünya ölkələrinin büdcə kəsirlərinin həddindən artıq çoxalması, borclanma probleminin yaranması, valyuta müharibələri və tez-tez, mərhələ-mərhələ dəyişən bu problemlər dünya iqtisadiyyatını daim riskə qoyur və iqtisadiyyata güclü zərbə vurur. Təbii ki, belə bir proses adekvat təsirini barmaqla sadalana bilən ölkələr sırasında Azərbaycanda tapmadı. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı iqtisadi strategiyanın nəticəsidir.
Bu, ümumi söz deyil. Bəzən bunu, sadəcə, ümumi söz formasında işlədirik və söz ümumi məna daşıyır. Bu, həqiqətən də belədir. Bu nə deməkdir? Böhranın əsas səbəbi olan borclanma problemi Azərbaycanda yox idi. Böhranın əsas səbəbi olan iqtisadi rezervlərin, ölkə rezervlərinin, ehtiyatlarının xaricdəki təhlükəli yerlərdə, fondlarda yerləşdirilməsi mövcud deyildi. Sistemsiz olaraq bazara müdaxilə yox idi. Bankların likvidliyinin gözlənilməsi üçün bütün tədbirlər görülmüşdü. Ölkənin sosial təbəqəsinin sosial mənafeyinin gücləndirilməsi üçün qeyd etdiyim çağırışlara uyğun adekvat tədbirlər görülürdü. Mən bu tədbirlərin siyahısını onlarla sadalaya bilərəm. Məhz bu tədbirlərin nəticəsi idi ki, Azərbaycanda iqtisadi problem yaranmadı və həmin problem Azərbaycana güclü zərbə vura bilmədi. Amma dünya iqtisadiyyatında bu problemlərə yanaşma, onu yenidən həll etmək, maliyyə alətlərini dəyişmək tələbini ortaya qoydu.
Uzun müddət iqtisadiyyatda liberallaşma təklif edən dövlətlər, iqtisadçılar artıq iqtisadiyyata dövlət tənzimlənməsi mexanizmini tətbiq etməyi zəruri hesab etdilər. Mən məsələni niyə dövlət tənzimlənməsinə gətirirəm? Bu dövlət tənzimlənməsinin tətbiqinin mühüm qollarından biri də dövlət nəzarəti, onun əsas qolu olan sərbəst, ali, audit qurumu orqanıdır. Bizim palatamız da bu vəzifənin istər yerli, istərsə də qlobal miqyasda yerinə yetirilməsi üçün ona verilmiş səlahiyyətlər çərçivəsində, bütün imkanları daxilində tədbirlərini görmüş və sizin qarşınızda gördüyü işlər haqqında hesabat verir.
Hər şeydən əvvəl hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istəyirik ki, bu nəzarət tədbirlərini həyata keçirərkən keçən hesabat dövründə millət vəkillərinin bizə verdikləri tövsiyə və təkliflərdən yararlanmış, əgər belə demək mümkünsə, onların iradlarına səbəb olan məsələləri aradan qaldırmağa çalışmışıq. Bu iradların, tövsiyələrin əsasını büdcə vəsaitlərindən istifadənin səmərəliliyini və onun əhatə dairəsini genişləndirmək təşkil edirdi. Məlumat üçün deyə bilərəm ki, əgər iki il bundan öncə biz 23 yoxlama aparırdıqsa, keçən il bu yoxlamaların sayı 31 olmuş, bu il isə artıq 41-ə çatdırılmışdır. Bunların sayını deməklə əsas məsələni bitirmək istəmirəm. Sadəcə, say etibarilə çox olmasına yox, hesabat ilində aparılan nəzarət tədbirlərinin istiqamətini, şaxəliliyini, miqyasını genişləndirməyə, eləcə də müxtəlif sahələri əhatə etməyə çalışmışıq.
Millət vəkillərini narahat edən bir məsələ də Dövlət Neft Fondu, onun vəsaitlərinin yerləşdirilməsi idi. Təbii, qlobal iqtisadi böhrandır. Bu məsələni araşdırmaq üçün biz geniş miqyaslı monitorinq aparmışıq. Bunun da nəticələri həm hesabatda var, həm də bu gün mən burada qısaca da olsa, sizə məruzə edəcəyəm. Birinci, Dövlət Neft Fondunda apardığımız monitorinqlər millət vəkillərini maraqlandırdığı üçün oradan başlayıram. Apardığımız monitorinqlər hər şeydən əvvəl onu deməyə əsas verdi ki, doğrudan da, Azərbaycanın ehtiyatları çox etibarlı yerləşdirilmişdir. Rəsmi olaraq komanda adından bəyan edirəm ki, onun yerləşməsində, istifadəsində heç bir təhlükə yoxdur.
Bu gün Azərbaycan Dövlət Neft Fondunun ehtiyatı 26,5 milyard dollardır. Dünyada reytinq cədvəli, maksimal riskli hədd, maksimal qorunma həddi var: AAA. Azərbaycan Dövlət Neft Fondu vəsaitlərinin 61,1 faizi məhz bu fondlarda yerləşdirilib. Bundan sonra ikinci yerdə yuxarı təhlükəsizlik həddi, yəni 2AA durur. Fondun vəsaitinin 17 faizi məhz belə yerlərdə yerləşdirilib. Təbii ki, bunun gəliri azdır və çox adamı narahat edə bilər. Amma təcrübə göstərir ki, böhran dövründə vəsaitimizin ən yuxarı təhlükəsizlik həddi olan yerlərdə yerləşdirilməsi Azərbaycanın ehtiyatının tamamilə dolmasına gətirib çıxarmışdır. Yerdə qalan kiçik bir hissəsi də ortadan yuxarı bütün hədlərdə yerləşdirilmişdir.
Valyuta səbətinin əsas hissəsi – 50 faizi Amerika Birləşmiş Ştatları dollarında, 40 faizi avroda, 5 faizi funt-sterlinqdə, 5 faizi isə suveren reytinqi çox yüksək olan likvid fondlarda və yaxud müxtəlif ölkələrin istiqrazlarında yerləşdirilmişdir. Gördüyünüz kimi, likvid fondlarda yerləşdirilən vəsaitlər hər gün gəlir gətirir və istənilən an dövlət onu geri çəkə bilər. Bütün manevr etmək imkanları da saxlanılmışdır.
Mən bu fondun nailiyyətlərini, onun BMT tərəfindən aldığı mükafatları qeyd etmək istəmirəm. Sadəcə, burada qurulmuş sistemlər, həmin sistemlərin hazırda təkmilləşdirilməsi və bugünkü çağırışlar kontekstində valyuta səbətinə, dolların məzənnəsinin dəyişdiyi bir məqamda daim, sistemli olaraq edilən dəyişikliklər haqqında bildirmək istəyirəm. Biz bunun monitorinqini apardıq, Azərbaycanın ehtiyatları çox əlverişli yerləşdirilmişdir. Gəlirliyi az olsa da, maksimal dərəcədə təhlükəsizlik səviyyəsinə malikdir.
Digər yoxlamalara gəldikdə, hesabatda bunların hamısını geniş vermişik. Nöqsanlar ənənəvi nöqsanlardır. Keçənilki hesabatın dinlənildiyi iclasda qeyd etdim, yenə də qeyd edirəm, bu nöqsanların əsas hissəsi satınalma proseslərinin pozulması ilə bağlıdır. Digər nöqsanlar səhiyyə şəbəkələrində ştat, kontingent intizamının gücləndirilməsi, mənzil-kommunal təsərrüfatı sistemində normativlərin düzgün tətbiq edilməməsi, tikinti sektorunda bazis əmsallarının, ehtimal olunan qiymətlərin düzgün hesablanmaması ilə əlaqəlidir. Bunlar ənənəvi nöqsanlardır. Sadəcə, bildirmək istəyirəm ki, yoxlama dövründə qlobal miqyaslı, mərkəzdən idarə olunan və yaxud ölkənin təhlükəsizliyinin pozulmasına səbəb ola biləcək heç bir yeyinti halına rast gəlinməmişdir. Müəyyən etdiyimiz nöqsanlar yerli, lokal xarakterli nöqsanlardan ibarət olmuşdur, dediyim və xarakterizə etdiyim nöqsanları əhatə etmişdir. Bir neçə yerdə daha ciddi nöqsanlar olmuşdur.
Qeyd edə bilərəm ki, belə nöqsanlar Şəki Mədəniyyət İdarəsinin yoxlanılması zamanı müəyyən olunub. Şəki Mədəniyyət İdarəsi balaca bir idarə olmasına baxmayaraq, xeyli miqdarda vəsaiti orada işləməyən müxtəlif adamların adlarına yazaraq, saxta əmanət kartlarına köçürüb, oradan götürüb istifadə etmişlər. Vəsaitin həcminin çox olduğunu nəzərə alaraq  yoxlamanın  nəticələri, materiallar istintaq, prokurorluq orqanlarına göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğundan aldığımız rəsmi məlumata əsasən onlar haqqında cinayət işi qaldırılmışdır.
Bunları sadalamaqla demək istəyirəm ki, tamamilə normal işləyən, dövlət rezervlərini qoruyan təşkilatlarla yanaşı, ayrı-ayrı lokal səviyyəli, mərkəzdən idarə olunmayan təşkilatlarda belə nöqsanlar qalmaqdadır. Bunlar bizi indiki, büdcə artımının əvvəlki qədər olmadığı bir şəraitdə daha təsirli, adekvat, güclü tədbirlər görməyə məcbur edir.
Əvvəllər biz büdcə vəsaitinin yalnız səmərəliliyindən danışırdıqsa, bu gün dünya miqyasında səmərəliliyin məhsuldarlıqla əvəz olunması, yəni eyni miqdarda vəsaitdən daha çox nəticə əldə etmək imkanı məsələləri müzakirə edilir. Bu məsələlər hesabatda verildiyi üçün bunlar üzərində geniş dayanmaq istəmirəm. Sadəcə, yekun rəqəmləri nəzərinizə çatdırmaq istəyirəm. Dediyim Şəki məsələsindən başqa daha 4–5 iş inzibati orqanlara göndərilmişdir. Bunlar Vergi Nazirliyi ilə birgə keçirdiyimiz yoxlama əsasında vergi ödəmələrinə görə yol verilən nöqsanlarla bağlıdır. Amma biz yoxlamaları keçirməklə və bunların nəticələri haqqında kimə isə təqdimat verməklə kifayətlənməmişik. Dünya miqyasında da belədir. Ali audit qurumları qarşısında duran əsas vəzifə nəinki belə nöqsanları müəyyən etmək, bunları yaradan amillərin qarşısını almaq, qanunvericilikdəki boşluqları aradan qaldırmaq və imkan varsa, həmin vəsaitlərin bərpasına nail olmaqdan ibarətdir.
Hesabat ili ərzində biz müəyyən edilmiş nöqsanlar çərçivəsində 2 milyon 318 manat vəsaitin təqsirkarlardan alınaraq dövlət büdcəsinin hesabına bərpa olunmasını təmin etmişik. Keyfiyyətsiz görülmüş və yaxud görülməmiş 628 min manatlıq iş görülmüşdür. Bunlar rəsmi surətdə həyata keçirilmiş əlavə işlərdir. Eləcə də müxtəlif yerlərdə saxlanılan 592 min manatlıq inventar, avadanlıq, dərman vasitələri yoxlamalar nəticəsində müəyyənləşdirilmiş, bizim iştirakımızla anbarlara mədaxil olunub uçota alınmışdır. Uçota alınmayan 777 min manatlıq əsas vəsaitlər uçota mədaxil olunmuşdur. 860 min manatlıq inventar və dərman ləvazimatları isə uçota mədaxil edilmişdir.
Debitor borclarının azaldılması faktları müəyyən edilmişdir. Debitor borc müəssisələrin borcudur, bu borcları ləğv etməklə borclunun borcunu silmiş olursan. 1 milyon 335 min borc uçota mədaxil olunmuşdur. Kreditor borclar isə müəssisənin başqa təşkilatlara, hüquqi, fiziki şəxslərə borcudur. Bu borclar saxta olanda digər təşkilatlara artıq ödəmə yaranır. 518 min belə ödəmənin qarşısı alınıb, həmin kreditor borclar ləğv olunmuşdur. Yenidən 853 min manat vergi hesablanmışdır. 171 min manatın hesablanaraq Pensiya Fonduna köçürülməsi təmin olunmuşdur. Bunlar müəyyən etdiklərimizin icra olunmuş hissələridir.
Yalnız bir neçə rayonda apardığımız yoxlamalar zamanı biz 187 ştat vahidini ləğv etmişik. Bu, təxminən bir nazirliyin ştatına bərabərdir. 777 ştat vahidini əvəzləşdirmişik. 114 qrup və siniflər, 725 çarpayı fondu audit dövründə ləğv olunmuşdur. Görülən tədbirlərin nəticəsi olaraq nazirliklərə, komitələrə, şirkətlərə, baş idarələrə tərəfimizdən 83 təqdimat göndərilmişdir. Təqdimatlar nəticəsində 6 nəfər işdən çıxarılıb, 5 nəfərə şiddətli töhmət, 98 nəfərə töhmət, 73 nəfərə xəbərdarlıq elan olunub. Amma burada mən bir faktı qeyd etmək istərdim. Səyimizə, dəfələrlə apardığımız yazışmalara baxmayaraq, bir sıra kredit sərəncamçıları bu vəsaitlərin ödənilməsində və yaxud təqsirkar şəxslərin cəzalandırılmasında kifayət qədər canfəşanlıq nümayiş etdirmirlər. Biz belə qərara gəlmişik ki, gələcək dövrdə bu proses davam etsə, biz saytımızda tədbir görməyən kredit sərəncamçıları haqqında məlumat yerləşdirək. Bu bizim gördüyümüz sərt audit tədbiridir.
Biz böyük analitik tədbirlər görmüşük, 8 analitik tədbir həyata keçirmişik. Regiondakı müxtəlif sosial məsələlər, torpaq, mülkiyyət münasibətləri ilə bağlı rəy bildirilib. Bunlar hamısı bizim hesabatda var. Hörmətli millət vəkilləri, hesabatda fəaliyyətimiz haqqında çox geniş məlumat olduğuna görə mən qısaca danışmaq istəyirəm. Hesablama Palatasının verdiyi bu rəylər, hesabatlar Büdcə Şəffaflığı İndeksi Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib və keçən il Azərbaycanın adı rəsmi olaraq onların hesabatında çəkilmişdir. Şəffaflıq indeksində 12 pillə irəliləməsinin ən əsas amili Hesablama Palatasının verdiyi hesabatların, Milli Məclisə, təşkilatlara göndərdiyi sənədlərdə canlandırdığı məlumatların şəffaflığı, hesabatlığı olmuşdur. Mən bunları deməyi özümə borc bilirəm.
Bizim beynəlxalq əlaqələrimiz genişlənib. Həm dövlət, həm də işçi səviyyəsində bir neçə əlavə memorandum bağlanıb. Bizim kadr potensialımızın gücləndirilməsi, bacarıqların artırılması üçün işləri davam etdirmişik. İsveçrə hökuməti bizimlə əlaqə saxlayaraq bu işi görür və bizə 2 milyona yaxın qrant ayırmaq fikrindədir ki, növbəti illərdə bundan istifadə edək və auditlərin aparılmasının beynəlxalq standartlarının bizdə tətbiqinə başlayaq.
Bizim, qısaca deyirəm, büdcəmiz 3 milyon 700 olub. Bundan yalnız 2 milyon 900 minindən istifadə etmişik. Keçən ildə də biz 2 milyon 900 min manat istifadə etmişdik. Verdiyim rəqəmlərdən göründüyü kimi, bizim fəaliyyətimizi əks etdirən meyarlardan biri də sərf etdiyimiz vəsaitlə bərpa etdiyimiz vəsait arasındakı nisbətdir. Gördüyünüz kimi, bizim dövlət büdcəsində bərpa etdiyimiz vəsait son 3 ildə sərf etdiyimiz vəsaiti dəfələrlə üstələyir. Hörmətli millət vəkilləri, mən qeyd etdim ki, işimizin əsas sahələrindən biri də təkcə bu faktları aşkar etmək, qanun boşluğunu müəyyən etmək və bunun aradan qaldırılması üçün təkliflər verməkdir. Keçən il biz 32 belə təkliflə hökumət qarşısında çıxış etmişik. Həmin təkliflərin 26-sı müvafiq icra hakimiyyəti orqanları tərəfindən dəstəklənir. Bu gün həmin qanun, normativ sənəd, təlimat boşluqlarının aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanlarının bir çoxu tərəfindən layihələr artıq Nazirlər Kabinetinə təqdim olunur.
Bu il də biz ənənəyə müvafiq olaraq hesabata əlavə etdiyimiz 17 təkliflə hökumət qarşısında çıxış edirik. Bu təkliflər bir sıra xarakterik nöqsanları törədən proseslərin aradan qaldırılmasına yönəlib. Qanun dəyişiklikləri, normativ sənədlərdə edilən dəyişikliklərlə biz böyük büdcə vəsaitlərinə qənaət etmiş olarıq. Məsələn, satınalma prosesini keçirərkən vəsaitin müəyyən həddən yuxarı olduğu hallarda İqtisadi İnkişaf, Maliyyə nazirliklərinin nümayəndələri dəvət edilməlidirlər. Etmirlər, amma bunun üçün heç bir məsuliyyət, cəza tədbiri də yoxdur. Yaxud vəsait təyinatına uyğun xərclənmir, tamamilə başqa bir yerə xərclənir. Bunun üçün maaşdan kiçik bir hissənin tutulması cəza tədbiri kimi tətbiq olunur. Bunlar ciddi büdcə pozuntusudur və qanunvericiliklə bunlara qarşı çox ciddi mübarizə aparılmalıdır. Vəsaitin təyinatı, satınalma prosedurlarının pozulması belə hallardır.
Normativ bazanın təkmilləşdirilməsi. Mənzil-kommunal sahəsində normativlər bir neçə ildir “müvəqqəti normativ” adı ilə fəaliyyət göstərir. Bu gün həmin normativlərin heç biri mənzil-kommunal təsərrüfatının fəaliyyətini tənzimləməyə imkan vermir. İqtisadi İnkişaf Nazirliyinə bu prosesi tənzimləmək həvalə olunur. Biz, yəqin ki, yaxın günlərdə geniş bir məktubla iqtisadi inkişaf nazirinə bu problemləri aradan qaldırmaq və konkret olaraq hansı qanunda, təlimatda hansı dəyişiklikləri etmək barədə müraciət edəcəyik.
Hörmətli millət vəkilləri, mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək bir məsələni də qeyd etmək istərdim. Biz işimizi şəffaf qurmağa çalışırıq və bunu şəffaf şəkildə Milli Məclisə, millət vəkillərinə çatdırırıq. Biz siyasi orqan deyilik. Mən bunu deməyə borcluyam. Bizim məlumatlarımız son dərəcə təhrif olunur. Mən bunu burada deməyə məcburam. Fikir verin. Biz hesabatda qeyd edirik ki, apardığımız monitorinq nəticəsində şəhid ailələri üçün 2197 mənzil tikildiyini müəyyən etmişik. İl ərzində 2197 mənzildən 2106-sı paylanıb. Cəmi 91 mənzil qalıb. Bu halda hər rayona biri və ya ikisi düşür, rezerv və ya tamamlanmamış bir iş kimi qalır. Bunu bir adi statistik məlumat kimi veririk və altında da qeyd edirik ki, bizə daxil olan məlumatlara əsasən həmin evlər paylanmağa başlanıb. Qəzetləri açırsan, sensasion məlumat. Füzuli Ələkbərov işdən gedəcək. Nə olub, nə baş verib? 2197 mənzildən 2106-sı paylanıb. Hər bir rayonda bir mənzil qalıb, bu da paylanır.
Yaxud Bakı Elektrik Şəbəkəsi narahatdır. Satınalma prosesləri pozulub, avans gözlənilir. Avans müqavilədə nəzərdə tutulubsa, ödənilə bilər, tutulmayıbsa, ödənilməyir, yəni ehtimal olunan qiymətin hesablanmasında müəyyən xarakterik nöqsanlara yol verilib. Bu o qədər böyüdülür, hətta o dərəcəyə gəlib çatır ki, gördüyümüz tədbirləri əsas götürən bir sıra qəzetlər yazırlar: “Hesablama Palatasının özündə korrupsiya var”. Mən qeyd etdim ki, gördüyümüz tədbirlər nəticəsində neçə nəfər işdən çıxarılıb. Guya həmin adamlar bizim palatadan işdən çıxarılıb və bu korrupsiyaların hamısı idarənin özündədir. Hadisənin mahiyyətinə varmadan, rəqəmləri təhlil etmədən lazımsız məlumatı yaymağa nə ehtiyac var? Heç olmasa, təqdim edilən məlumatların mahiyyətinə varın və sonra qəzet səhifələrinə çıxarın. Bu əlavə üçün üzr istəyirəm.
Hörmətli millət vəkilləri, gördüyümüz işlərin bir qismini sadaladım. Mən hesab edirəm ki, hörmətli millət vəkillərinin dəstəyi ilə, verdiyiniz təkliflərə əsasən növbəti ildə də möhtərəm Prezidentimizin korrupsiyaya qarşı mübarizə strategiyasının aparılmasına dəstək olacağıq. Qanunvericilikdə dəyişikliklər etmək və digər addımlar atmaqla və eləcə də büdcə vəsaitinin səmərəli yerləşdirilməsi, istifadəsi, maliyyə-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə bu strategiyaya töhfə vermiş olacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, millət vəkilləri! Hesablama Palatasının sədri hörmətli Heydər müəllim kifayət qədər məlumat verdi. Millət vəkillərinə paylanan hesabatdan görürük ki, Hesablama Palatasının fəaliyyəti ildən-ilə təkmilləşir. Milli Məclisin qəbul etdiyi əsasnamədə nəzərdə tutulan bütün müddəalar ildən-ilə artıqlaması ilə mükəmməl şəkildə yerinə yetirilir. Həqiqətən, bu gün Azərbaycanda aparılan iqtisadi siyasət ölkənin davamlı inkişafına xidmət edir. Ölkənin maliyyə imkanları artır, iqtisadi inkişafına ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə olunması ön plana çəkilir. Bu baxımdan Hesablama Palatasının iş planı da diqqətəlayiqdir. Mən bir neçə faktı demək istəyirəm.
Hesablama Palatasının təqdim etdiyi hesabatın 60 faizi audit yoxlamalarına həsr olunur. Amma vaxt var idi ki, audit yoxlamaları bütün hesabatın 15–20 faizini təşkil edirdi. 2008-ci ildə audit yoxlamalarının sayı 26, 2010-cu ildə isə 76-dır. Audit yoxlamalarının 3 dəfə artması bütövlükdə Hesablama Palatasının ən başlıca məqsədlərindən biri və müsbət fəaliyyəti kimi qiymətləndirilə bilər. Çünki ölkənin iqtisadi, sosial inkişafına ayrılan büdcə vəsaitləri artdıqca, büdcə sistemi təkmilləşdikcə, şaxələndikcə Hesablama Palatasının da funksiyaları genişlənir. Hesablama Palatası yüksək peşəkarlıq göstərərək ayrı-ayrı sahələrin yoxlanılmasını, maliyyə vəsaitlərindən istifadəyə nəzarəti həyata keçirir.
Mən çox sevinirəm ki, bu gün Heydər müəllim haqlı olaraq qlobal məsələlərdən – dünya böhranı, Azərbaycan iqtisadiyyatında baş verən proseslər və Hesablama Palatasının apardığı audit yoxlamalarının strukturundan danışdı. 1–2 il bundan qabaq, Heydər müəllim, komitə üzvləri birgə müzakirə, söhbətlər aparanda deyirdik ki, Hesablama Palatasının yoxlamalarında maliyyə vəsaitlərinin böyük hissəsini özündə cəmləşdirən təşkilatlar yoxlama obyekti olsun. Çox yaxşı oldu ki, bu gün Heydər müəllim açıqlamasında Dövlət Neft Fondunda toplanmış vəsaitlərdən istifadə ilə əlaqədar konkret rəqəmlər səsləndirdi. Həqiqətən, dünya bu gün Azərbaycana baxır. Cənab Prezident 1–2 gün bundan qabaq qeyd etdi ki, Azərbaycanın valyuta ehtiyatları 35 milyardı ötəcək, ilin axırında daha çox olacaq.
Dövlət Neft Fondunda toplanan vəsaitlərin istifadəsi, bölüşdürülməsi, onun strateji proqramlara yönəldilməsi məsələləri və bu vəsaitlərdən istifadənin səmərəliliyi məsələsi ön plandadır. Azərbaycan zəhmətkeşləri, xalqı, hamı Dövlət Neft Fondunda olan vəsaitlərdən necə istifadə edildiyi ilə maraqlanır. Bu gün Heydər müəllimin çıxışı, eləcə də Hesablama Palatasının hesabatında verilən materiallar tam əminliklə deməyə əsas verir ki, Dövlət Neft Fondunda toplanan vəsaitlərin səmərəli istifadəsi mexanizmi yaradılmışdır. Gələcəkdə bu mexanizmin daha da təkmilləşdirilməsi geniş şəkildə həyata keçiriləcəkdir.
Biz çox arzu edirdik ki, audit yoxlamaları infrastruktur obyektlərinə yönəldilsin, çünki Azərbaycan iqtisadiyyatına qoyulan vəsaitlərin xeyli hissəsi infrastruktur obyektləri ilə bağlıdır. İnfrastruktur obyektlərinin sürətli inkişafı, mən bir iqtisadçı kimi bildirmək istəyirəm ki, bütünlükdə Azərbaycanda dinamik inkişaf üçün möhkəm baza yaradır. Bu vəsaitlərdən necə istifadə olunur? Bəzən mətbuatda da büdcənin istifadəsi ilə əlaqədar əsassız rəqəmlər göstərilir. Amma Heydər müəllimin təqdim etdiyi hesabatda infrastruktur obyektlərində büdcə vəsaitlərindən istifadə ayrı-ayrı rayonlar, tikinti obyektləri üzrə qruplaşdırılmışdır. Çox yaxşı ki, həmin yoxlamalardan əldə olunan nəticələr müvafiq təşkilatlara çatdırılmış və təşkilatlar bu məsələlərə öz münasibətlərini bildirmişlər.
Hörmətli Oqtay müəllim, mən bir məsələni də qeyd etmək istəyirəm. Bu da bizim üçün çox maraqlıdır. İldən-ilə Hesablama Palatası ilə dövlət strukturları arasında əlaqə keyfiyyət baxımından təkmilləşir. Söhbət nədən gedir? Hesablama Palatasının yoxlamaları o qədər yüksək peşəkarlıqla aparılır ki, artıq təqsirkar idarələrmi, icra strukturlarımı, nazirliklərmi deyim, onlara cavab verərkən həmin nöqsanların aradan qaldırılmasını müsbət addım kimi qiymətləndirdiklərini səmimiyyətlə etiraf edirlər.
Hesablama Palatasının hesabatında diqqəti cəlb edən məsələlərdən biri Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin vergi intizamına, Vergi Məcəlləsinə riayət etmələri məsələsidir. Bir neçə şirkətin yoxlaması göstərir ki, bir sıra xarici şirkətlər yaxşı peşəkarlarının olmasına baxmayaraq, Vergi Məcəlləsinə riayət etmirlər. Hesablama Palatasının yoxlamaları nəticəsində vergiyə cəlb olunmamış vəsaitlər yenidən büdcəyə qaytarılır. Sosial Müdafiə Fondunun, təhsil, səhiyyə və digər obyektlərin yoxlanılmasında Hesablama Palatasının apardığı təhqiqatlar, nəticələr diqqəti cəlb edir.
Mən hesab edirəm ki, bütövlükdə Hesablama Palatasının götürdüyü iş istiqaməti düzgündür. Ölkədə ali maliyyə nəzarəti orqanı kimi fəaliyyət göstərən Hesablama Palataının qarşıdakı fəaliyyəti daha da zənginləşəcək, çünki biz bu dinamikanı görürük. Əgər audit obyektlərinin sayı 26-dan 76-ya qədər artmışsa, gələcəkdə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların audit yoxlamalarının sayı artacaqsa, heç şübhəsiz, bu, iqtisadiyyatın şəffaflığının təmin edilməsinə, korrupsiyanın aradan qaldırılmasına xeyli müsbət təsir göstərəcəkdir.
Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Hesablama Palatasının yoxlamalarının nəticəsində biz artıq Vergi Məcəlləsində, “Büdcə sistemi haqqında” Qanunda dəyişikliklər etmək barədə fikirləşirik.
Mən Hesablama Palatasının fəaliyyətini müsbət qiymətləndirirəm. Milli Məclisin İqtisadi siyasət komitəsi və digər komitələr dövlət büdcəsinin müzakirəsi zamanı Hesablama Palatasının təqdim etdiyi rəyi də yüksək qiymətləndirirlər. Biz 3–4 ay bundan qabaq həmin məsələ barədə danışmışdıq. Millət vəkillərindən xahiş edərdim ki, Hesablama Palatasının 2010-cu ildə fəaliyyətinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun.Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, ilk öncə söz verdiyinizə görə minnətdarlığımı bildirirəm. Amma hesab edirəm ki, Hesablama Palatasının hesabatı parlamentdə müzakirə olunmalıdır. Mən çıxışıma başlamazdan öncə deyim ki, həm Sizin, Oqtay müəllim, həm də Bahar xanımın burada cari məsələlərlə bağlı səsləndirdiyi fikirləri müdafiə edirəm, dəstəkləyirəm. Bu gün də Hesablama Palatası ilə bağlı kifayət qədər tənqid olunmalı məqamlar var.
Mən də parlamentdə heç vaxt Amerika səfirliyindən təşəkkür almaq üçün, məni müxalifətçi kimi tanımalarına görə fəaliyyət göstərməmişəm. Amerika Birləşmiş Ştatlarının səfirliyi də gözəl bilir ki, Qüdrət Həsənquliyev onun Azərbaycanla bağlı siyasətini yanlış olduğuna görə tənqid edir və bu siyasət dəyişməyənə qədər də tənqid edəcək. Onlar məni müxalifətçi kimi tanısalar da, bəzi həmkarlarım kimi onlara buna görə təşəkkür etməyəcəyəm. 
Müzakirə olunan məsələyə keçməmişdən öncə mən bunları deməyi borc bilirəm. Cari məsələlərlə bağlı çıxışa yazılmamışdım. Amerika Birləşmiş Ştatlarının səfiri 20 səfirlik nümayəndəsini toplamışdı. Özü də izi azdırmaq üçün oraya getməmişdi, müavinini göndərmişdi. Həmin səfirləri aşağılamışdı bununla. Hamı bilir ki, Avropa Birliyi ölkələrinin böyük əksəriyyətini Amerika Birləşmiş Ştatları yönəldir. Amerika Birləşmiş Ştatlarının da siyasətində Azərbaycana yönələn bu dəyişiklik məhz Barak Obamanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi İstanbula dəvət etməsindən sonra başladı. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti çox haqlı olaraq həmin dəvəti qəbul etmədi. Orada Türkiyə Prezidenti ilə birlikdə Azərbaycana böyük təzyiqlər olacaqdı ki, Azərbaycan Ermənistan–Türkiyə sərhədlərinin açılmasına razılıq versin, faktik olaraq, ermənilərin yolu açılsın, Dağlıq Qarabağda referendumun keçiriləcəyinə söz versin.
“Axırıncı aşırım” filmində Abbasqulu bəy Kərbəlayi ilə görüşməyə gedəndə Kərbəlayi pərdəni götürməmək üçün öz evini tərk edib gedir. Onlar, görünür, Şərq psixologiyasını bilmirlər. Əslində, İlham Əliyev oraya getməməsi ilə Obamaya öz sayğısını və hörmətini ifadə etdi ki, pərdəni götürmək istəmirəm. Sizin məndən tələb etdiyiniz elə bir məsələdir ki, buna getmək qeyri-mümkündür.
Bundan sonra nə baş verdi? Minsk qrupunun həmsədri olan dövlətlər Türkiyəni sülh protokollarını imzalamağa məcbur etdilər. Halbuki onların işi Dağlıq Qarabağ məsələsini həll etmək idi, Türkiyə–Ermənistan problemlərini həll etmək deyildi. Minsk qrupu bu məqsədlə yaradılmamışdı. İndi Obama heç cür həzm edə bilmir ki, niyə Azərbaycan öz milli hüquqlarından çıxış edərək Sürix protokollarının həyata keçirilməsinə razılıq verməyib? Hətta ermənilər də bizi tənqid edirlər. Bu tənqiddə ədalət varmı? Varsa, biz bunu öz cəmiyyətimiz üçün etməliyik. Amma görəndə ki, məqsədyönlü şəkildə ölkədə gərginlik yaratmaq və Azərbaycanı Qarabağ məsələsində güzəştə getməyə sövq etmək istəyirlər, buna “yox” demək və öz etirazını bildirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Mən də buna öz kəskin etirazımı bildirirəm və həmin səfirlərə də başqa ölkə səfirliyinin işçiləri kimi davranmamağı tövsiyə edirəm.
Hesablama Palatasının hesabatı ilə, Oqtay müəllim, diqqətlə tanış oldum. Sözün doğrusu, hamımız Heydər müəllimi tanıyırıq, ona hörmətimiz var. Azərbaycanda yaxşı bir mütəxəssis kimi də tanınır. Amma onun çıxışı məni qətiyyən qane etmədi. O mənada ki, Heydər müəllim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı rəydə yazılanları, demək olar, təkzib etdi. Heydər müəllim, onda Siz burada dediklərinizi də hesabata yazaydınız. Siz hesabatda başqa şeylər yazmısınız, burada tamam başqa şeylər söylədiniz. Yazdığınızın arxasında dura bilməyəcəkdinizsə, bunu yazmayaydınız. Yazmısınızsa, onda arxasında durun.
Başqa bir məsələ. Burada Hesablama Palatasının hesabatı bütün rayonlarla bağlı nəyi göstərdi? Bütün rayonlarda istisnasız olaraq audit aparılıb. Əslində, bu, Hesablama Palatasının obyektivliyini göstərən bir faktdır. Ciddi qanun pozuntuları – büdcə vəsaitlərinin mənimsənilməsi, israf edilməsi, vəzifə saxtakarlığı, hakimiyyət və qulluq mövqeyindən sui-istifadə halları aşkar olunub. Amma nədənsə yalnız Şəki ilə bağlı sənədlər prokurorluq orqanlarına göndərilib. Halbuki Hesablama Palatasının birbaşa vəzifəsidir ki, qanun pozuntuları aşkar edildikdə həmin sənədləri prokurorluq orqanlarına göndərsin. Yoxsa burada az oğurluq olub deyə mən bunu prokurorluğa göndərmirəm, o birində çox oğurluq olub, göndərirəm. Oğurluq faktı varsa, bu artıq cinayətdir. Büdcə vəsaitlərinin mənimsənilməsi varsa, bu artıq cinayətdir. Yaxud vəzifə saxtakarlığı, hakimiyyət, qulluq səlahiyyətlərini aşma varsa, bunlar hamısı cinayətdir.
Mən hesab edirəm ki, Milli Məclis Azərbaycan Respublikasının Prezidentinə dəstək olmalıdır. Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar, göstərişlər verib. Milli Məclis öz qərarı ilə Hesablama Palatasının hesabatını bütünlüklə prokurorluq orqanlarına göndərməlidir ki, Hesablama Palatasının bu hesabatında göstərilən faktlar prokurorluq orqanları tərəfindən araşdırılsın və bunlara hüquqi qiymət verilsin. Yoxsa biri ilə bağlı təqdimat prokurorluğa göndərilir, digəri ilə bağlı təqdimat müvafiq nazirliklərə, yaxud rayon icra hakimiyyətinin başçısına verilir. Orada görülən tədbirlər nədən ibarətdir? Birinə xəbərdarlıq, digərinə töhmət verilib, o biri işdən çıxarılıb. Bu cür ayrı-seçkilik olmamalıdır. Bu cür fərqli yanaşma Hesablama Palatasının rəhbərliyinin fəaliyyətini kölgə altına alır və insanlarda haqlı olaraq belə fikir yaranır ki, yəqin, burada da neqativ hallar var və yoxlamaların nəticələrinə fərqli münasibətlər göstərilir.
Dövlət Neft Fondu ilə bağlı burada hörmətli Heydər müəllimin söylədiyi məsələyə toxunmaq istəyirəm. Azərbaycan Respublikasının Prezidenti Nazirlər Kabinetinin toplantısında bütün Azərbaycan xalqının qarşısında göstəriş verdi ki, Dövlət Neft Fondundakı pulların 2 milyardı yerli banklarda yerləşdirilsin və bizim sahibkarlara aşağı faizlərlə kreditlər verilsin. Onsuz da, icra hakimiyyəti orqanları millət vəkillərinə hörmət göstərmirlər. Mən vaxtilə mətbuatda da bu məsələni qaldırmışam, heç telefonlara cavab vermirlər. Amma ən azından bizim formalaşdırdığımız Hesablama Palatası millət vəkillərinə hörmətlə yanaşmalı idi. Ümumi sözlərlə Heydər müəllim dedi ki, bəli, gəlirlilik azdır, amma pullar etibarlı yerlərdədir. Hesabatda yazılır ki, pullar artıq Latın Amerikası ölkələrində yox, indi Asiyada, Avropada yerləşdirilib. Asiya, Avropa çox geniş məfhumdur. Avropada, Heydər müəllim, yəqin, dəqiq məlumatınız var, bu gün iflas etmiş Portuqaliya, Yunanıstan var, Avropa Birliyindən yardım istəyirlər. Asiyada Birma kimi ölkə də var. Sinqapur, Malayziya, Çin də var və sair.
Siz niyə millət vəkillərinə məlumat vermək istəmirsiniz? Sizi seçən insanlara bu münasibət haradan qaynaqlanır? Yaxud niyə bizə, millət vəkillərinə demək istəmirsiniz ki, gəlir hansı faizlə müəyyən olunur? Hamı deyir ki, Dövlət Neft Fondunun pulları xarici banklarda 1,5 faizlə saxlanılır. Amma bizim banklar xaricdən 7–8 faizlə kredit götürürlər və sonra da 16, 18, 22 faizlə sahibkara kredit verirlər. Burada bizim bankirlərin nümayəndələri oturublar, yəqin, istəsələr, aydınlıq gətirərlər. Bu krediti götürmüş sahibkarın müəssisəsi hansı rentabelliklə işləyə, gəlir götürə, yaxud öz sahəsini inkişaf etdirə, əlavə iş yerləri aça bilər? Bu məsələlərə aydınlıq gətirilməlidir.
Başqa bir məsələ xarici neft şirkəti ilə bağlıdır. Adı qəribədir. Yadımda qalmayıb şirkətin adı. Şirkətdə Vergilər Nazirliyi ilə birlikdə yoxlama apardılar, xarici şirkət 362 min manat vergidən yayınıb. Mən hesab edirəm, bu sənədlər prokurorluğa göndərilməli və həmin şirkət haqqında tədbir görülməli idi. Bu faktın özü bizə əsas verir ki, Hesablama Palatası digər xarici şirkətləri də yoxlasın. Mən sizə dəqiq deyirəm, bütün ictimaiyyət də bilir ki, xarici şirkətlər vergidən yayınmaq üçün xərcləri həddən artıq şişirdirlər. Dövlət Neft Şirkətində Vaqif adında bir şəxs var, onunla cinayət əlaqəsinə giriblər, 1 manatlıq hər hansı bir materialı 5 dəfə bahasına qeydə alırlar. Heydər müəllimin bundan xəbəri yoxdursa, çox pis. Xəbəri varsa, tədbir görmürsə, bu da çox pis. Amma mən hesab edirəm ki, xarici şirkətlər ciddi surətdə vergidən yayınırlar. Bir yoxlamanın nəticəsi bunu aydın göstərir. Ona görə də digər xarici şirkətlərdə də bu yoxlama davam etdirilməlidir. Azərbaycan müharibə vəziyyətindədir, 1 milyon qaçqını var. Bizim çoxlu problemlərimiz var. Həmin vəsait xalqın vəsaitidir və büdcəyə köçürülməlidir.
Təəssüf ki, vaxtım çatdı. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əvvəl hamı qışqırdı ki, səsə qoyaq, biri çıxış edən kimi 10 nəfər siyahıya yazıldı. Bir xahişim var. Qüdrət müəllim çıxış edirdi, mən onun sözünü kəsmədim. Xahiş edirəm, gündəliklə əlaqədar məsələdən danışın. Bir neçə çıxışa qulaq asaq. Çıxışlara 5 dəqiqə verək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sizə misal çəkdim, məsələni səsə qoyuruq deyəndə çıxışa 10 nəfər yazıldı. Təkid edən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail İbrahimli, Zahid Oruc, Siyavuş Novruzov, Fazil Mustafa, Elton Məmmədov. Bu, Hesablama Palatasının illik hesabatıdır. Ona görə, xahiş edirəm, bir az müzakirə edək. Qüdrət müəllim də Heydər Əsədova irad tutdu. Mən xahiş edirəm, çıxışlarınızda diqqətli olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Orada söylənildi ki, evlərə görə vergi hesabatı təhrif edilib, qəzetlərdə yazırlar, başqa söz söyləmədi. Buyurun.
E.Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, qonaqlar! Son dövrlər sabitlik ölkəsi kimi tanınan Azərbaycan Respublikası özünü artıq uğurlu daxili və xarici siyasəti ilə dünyada müasir, demokratik, güclü, daim iqtisadi inkişafda olan ölkə kimi təsdiqləmişdir. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hansısa iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat məsələlərinin reallaşdırılmasının mümkünsüzlüyü də bunu sübut edir. Eyni zamanda, son illər ölkənin dövlət idarəçiliyi təkmilləşir, buraya yeni institutlar daxil olur. Hər il Hesablama Palatasının öz fəaliyyəti barədə parlament qarşısında hesabat verməsi, hesabatın geniş və ətraflı müzakirəsi bunun əyani göstəricisidir. Əvvəlki illərdə olduğu kimi, 2010-cu ilə dair hesabat da “Hesablama Palatası haqqında” Qanuna Milli Məclisin Daxili Nizamnaməsinə uyğun, yüksək səviyyədə və çox əhatəli hazırlanmışdır.
Məndən öncə çıxış edən hörmətli Qüdrət Həsənquliyevə də bildirmək istəyirəm ki, 101 səhifədən ibarət dolğun hesabat məruzəsi hazırlanmışdır. Çox hörmətli Heydər müəllim özü də vurğuladı ki, zaman azdır, ona görə də çox lakonik çıxışında təqdim olunmuş hesabata münasibətini bildirdi. Sənəd Hesablama Palatasının fəaliyyətinin bütün sahələrini, o cümlədən onun nəzarət fəaliyyətini, ekspert-analitik fəaliyyətini, palatanın illik iş planında nəzərdə tutulmuş tədbirlərin icrasını, beynəlxalq fəaliyyətini ətraflı əhatə edir.
Hesabatdan da göründüyü kimi, 2010-cu ildə palatanın cari fəaliyyətini yüksək və müasir tələblər səviyyəsində qurmaq məqsədi ilə palatanın rəhbərliyi kadr potensialının və maddi-texniki təminatının gücləndirilməsinə, metodoloji və normativ hüquqi bazanın təkmilləşdirilməsinə nail olmuşdur. Onu da qeyd etmək istərdim ki, Hesablama Palatası hesabat ilində “Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin icrası haqqında” Qanuna və büdcənin icrasına dair illik hesabata, “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə” Qanuna, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” Qanuna və “Azərbaycan Respublikasının Sosial Müdafiə Fondunun (2011-ci il) büdcəsi haqqında” Qanuna dair yüksək səviyyəli rəylər hazırlamışdır.
Hesablama ilində palata nəzarət fəaliyyətini lazımi səviyyədə həyata keçirmişdir. Belə ki, vergi gəlirlərinin formalaşdırılması, icra vəziyyətinin araşdırılması, dövlət büdcəsindən ayrılan vəsaitin həcmi, strukturu, təyinatı üzrə və səmərəli istifadə olunması, bu vəsaitlər üzrə maliyyə əməliyyatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə həyata keçirilməsini müəyyən etmək məqsədi ilə iş planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin edə bilmişdir. Sənədin mətnindən də göründüyü kimi, bütün bu audit tədbirləri peşəkarlıqla icra olunmuşdur.
2010-cu ildə keçirilən nəzarət tədbirləri gedişində, eyni zamanda, cari fəaliyyətin nizamlanmasında əsas vəzifələrdən biri korrupsiya hüquqpozmaları və büdcə vəsaitindən sui-istifadə hallarının aşkar edilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi palata rəhbərliyinin daimi diqqət mərkəzində saxlanılmışdır.
Hesabat ilində ali maliyyə nəzarəti orqanı kimi palatanın diqqət çəkən işlərindən biri də həyata keçirilən maliyyə-büdcə nəzarəti tədbirlərinin nəticələri əsasında konkret sahələrlə bağlı normativ hüquqi bazanı təkmilləşdirmək və maliyyə vəsaitlərindən istifadənin səmərəliliyini artırmaq məqsədi ilə, məruzədə qeyd olunduğu kimi, 17 bənddən ibarət təklif paketini hazırlayıb hökumətə təqdim etməsidir.
Bütövlükdə Hesablama Palatasının ötən ildəki fəaliyyətinə dair hesabatını məqbul hesab edir və onun Milli Məclis tərəfindən nəzərə alınmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar! Mən birinci olaraq məsələyə aydınlıq gətirmək istərdim ki, söhbət Hesablama Palatasının birillik fəaliyyətinə qiymətdən getmir. Söhbət Hesablama Palatasının vasitəsilə parlamentin büdcə nəzarəti funksiyasını necə yerinə yetirməsindən gedir və biz qiyməti büdcə vəsaitlərinin necə xərclənməsinə, ayrı-ayrı struktur təşkilatlarının, qurumların bu vəsaitlərlə necə davranmasına reaksiyamızı bildiririk. Mən istəyirəm ki, hər kəs bunu nəzərə alsın. Açığı, çox təəccübləndim, parlament üzvləri “səsə qoyaq” deyərkən özlərinin ən başlıca, önəmli konstitusion hüquqlarından, sadəcə, imtina edirlər. Çünki yalnız bircə vasitə ilə – Hesablama Palatası ilə biz bu funksiyanı reallaşdıra bilərik. Parlament özünü onda bir gücə çevirərdi, özünü səlahiyyətli bir təsisata çevirərdi. Mən bunu başlıca olaraq vurğulamaq istəyirəm.
Səmimi deyim, mənim şəxsən Heydər Əsədova və onun komandasına münasibətimlə bu hesabata münasibətim eyni deyil. Mən bu insanı, keçmiş çıxışlarımda da qeyd etmişəm, kifayət qədər səriştəli, son dərəcə qabiliyyətli, maliyyə proseslərini bilən və hər bir büdcə qurumunun yoxlanmasını ən üstün keyfiyyətdə və şəffaf aparmağa qadir bir insan sayıram və komandası da elədir. Amma açığı, sənəd kifayət qədər yumşaq hazırlanıb. Lakin o yerdə ki gerçək sərtlik, obyektivlik göstərilib, orada qeyri-adekvat təkliflərlə çıxış olunub. Məsələn, istər məktəblərin, istərsə də icra hakimiyyətlərinin yoxlanmasında konkret cinayət məsuliyyəti yaradan hadisələr aşkarlanıb. Sonra təqdimat yazılıb ki, oğurlanmış pulları, necə deyərlər, təyinatdan kənarlaşdırılmış vəsaitləri geri qaytarın. Sanki bu qurum öz funksiyasını bununla da başa çatmış sayır. Halbuki mən də hesab edirəm ki, bu sənədin bir cinayət məsuliyyəti təqibi doğuracaq sənəd kimi prokurorluğa göndərilməsi tamam yerində olardı.
Nəzərə alaraq ki, 5 dəqiqə çıxış edəcəyik, bir neçə istiqamətdə konkret fikirlərimi söyləmək istərdim. Bir, mən çox arzulayıram ki, gələcək hesabatlarda tender məsələlərinə yer verilsin. Çünki korrupsiya predmeti ola biləcək sahələrdən ən mühümü tenderlərdir. Bununla bağlı cəmiyyətdə də, media sferasında da xeyli fikirlər var. Əgər biz, həqiqətən də, sanki şər, böhtan makinası kimi işləyən mediadan qurtulmaq istəyiriksə, obyektiv gerçəklikləri özümüz meydana çıxarmalıyıq. Mənə elə gəlir ki, cənab Prezidentin 2011-ci ilə yönəli müəyyənləşdirdiyi siyasi kursda olan motivlər, elementlər, dəlillər hər kəsə bu imkanı verir. Mənə elə gəlir ki, ən minimum obyektivlik belə bir mövqeyə gəlməyə imkan verərdi.
Daha sonra nəyi qeyd eləmək istəyirəm? Tikilən binaların, yəni tikililərin, ayrı-ayrı binaların başa gəlməsi və bunların yararlılıq vəziyyəti. Doğrusu, bu illər ərzində onlarla, bəlkə də yüzlərlə açılış mərasimlərinə qatılmışam. Bir binanın bir amortizasiya, istismar dövrü olsun. Bilinsin ki, bu, 50–60 il insanlara xidmət edəcək. Tikirlər, 3–5 ildən sonra bunların keyfiyyəti üzərində çox ciddi mübahisələr meydana çıxır, xüsusilə də təhsil sahəsində. Mən çox arzulayıram ki, Hesablama Palatası gələcək dövrlərdə, elə parlamentin gücü ilə də bütün bu qurumlardan tikinti funksiyasının alınması mövqeyini irəliyə sürsün və tikinti nazirliyi yaradılsın və ya buna bənzər başqa bir forma seçilsin. Hər qurum formalaşdırdığı tikinti təsisatları ilə maliyyələrin bölüşdürülməsini həyata keçirir, bu halda da keyfiyyətsiz tikililər meydana çıxır.
Biz bir dəfə Böyük Britaniyada olanda Kembric məktəbinə getmişdik. Məktəb təxminən 1600-cü illərin tikintisidir, ağac karkasiyalardan qurulmuş bir tikilidir. Axı, bu necə ola bilər, həmin bina 300 il yaşasın, amma Azərbaycan məktəbinin ömrü bizdən də tez qocalıb ölsün? Bu, mümkün ola bilməz.
Eyni zamanda, mən mülkiyyət məsələləri ilə bağlı bir fikir söyləmək istəyirəm. Burada buna bənzər infrastruktur məsələləri ilə bağlı araşdırmaların da nəticələri göstərilib. Sonra çox haqlı təkliflər də qeyd olunub. Bilirsiniz, cənab Sədr, bütün siyasi həmrəyliyin, normal münasibətlər sisteminin əsası iqtisadi toxunulmazlıqdadır, mülkiyyət toxunulmazlığındadır. Biz bunu müqəddəs dəyərə, Quran ayəsinə çevirməliyik. Vətəndaş bütün imkanlara malikdir. Bütün sənədləri bu qurumdan, ölkənin təsisatlarından alır. Amma ona qarşı bizim davranışlarımız qanuni olmur. Bu da istər-istəməz iqtisadi sabitliyə təsir edir. Bunu açıq deməliyik. Mənim müxalif qüvvələrə bəlli bir münasibətim var. Bunu hər biriniz bilirsiniz. Amma ayrı-ayrı narazılıq yaradan nöqtələri biz özümüz qapatmasaq...
Sədrlik edən. Sağ olun. Zahid müəllim, mən əvvəl çıxış eləyənlərə də, Sizə də demək istəyirəm, Hesablama Palatasının funksiyasından danışanda biz elə təsəvvür edirik ki, Hesablama Palatası ya prokurorluq, ya da hüquq mühafizə orqanıdır. Bu, Hesablama Palatasıdır, auditordur. Onların səlahiyyətləri var, sənədləri prokurorluğa da verə bilərlər, cinayət işləri açılar. Ancaq palata hər hansı bir yeyinti məsələsi olubsa, cərimə edə, vəsaiti büdcəyə qaytara bilər. Bu funksiyalar var. Niyə biz hər məsələni elə prokurorluğa yönəldək, tutulsun, asılsın, kəsilsin? Xahiş edirəm, bunlara fikir verin. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Dövlət büdcəsinin icrası və büdcə vəsaitlərinin təyinatı üzrə və şəffaf şəkildə xərclənməsində Hesablama Palatasının rolu kifayət qədər böyükdür. Müzakirəyə təqdim edilən hesabatı oxuyanda buna bir daha əmin olursan. Hesablama Palatasının fəaliyyətinin əsas istiqamətləri kimi audit tədbirlərinin və analitik tədbirlərin həyata keçirilməsi kifayət qədər böyük nəticələr verib. Hər bir halda müəyyən edilən əyintilərin aradan qaldırılması üçün tədbirlər görülüb və büdcədən yayınan büdcə vəsaitləri büdcəyə nağd şəkildə bərpa olunub. Bundan başqa, hesabatda korrupsiyaya qarşı mübarizə ilə bağlı istiqamətin də özünə yer alması xüsusilə təqdirəlayiqdir.
Mən, əsasən, Hesablama Palatasının təklifləri üzərində dayanmaq istəyirəm. Palata Nazirlər Kabineti qarşısında 33 təkliflə məsələ qaldırıb. Bunlardan əsas vəsaitin əsaslı təmirinə yönələn büdcə vəsaitləri, habelə xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərin istifadə etdikləri yaşayış və inzibati binaların, həyətyanı sahələrin saxlanılması, ziyafətlərin və digər tədbirlərin keçirilməsi, habelə hədiyyələrin alınması kimi işlərdə müəyyən edilən əyintilər və bunların aradan qaldırılması ilə bağlı təkliflər xüsusilə diqqətəlayiqdir.
Bundan başqa, Hesablama Palatasının icra strukturlarının aşağı həlqəsində tənzimləmə ilə bağlı boşluqların olması, kifayət qədər normativ-metodik sənədlərin olmaması ilə bağlı əyintilərin müəyyən edilməsi və bunların aradan qaldırılması ilə bağlı təkliflər də, düşünürəm ki, alqışlanmağa layiqdir. Dövlət satınalmalarında müqavilənin qiyməti 300 min manatdan artıq olduğu hallarda İqtisadi İnkişaf və Maliyyə nazirlikləri nümayəndələrinin prosedur məsələlərinə dəvət olunması təklif edilir. Bu satınalmalarla bağlı əyintilər, habelə gələcəkdə müqavilənin predmetinin və qiymətinin artırılması sahəsində müəyyən edilən əyintilər və bunların aradan qaldırılması ilə bağlı təkliflər də xüsusilə diqqətəlayiqdir.
Bundan başqa, respublikadan aparılan və respublikaya gətirilən bitki və bitkiçilik məhsullarının fitosanitar karantin nəzarətindən və laborator ekspertizadan keçirilməsi üçün nümunələrin götürülməsi ilə bağlı təlimatın olmaması və belə bir boşluqdan irəli gələn əyintilərin baş verməsi və bunların aradan qaldırılması ilə bağlı yeni təlimatın qəbul olunması haqqında Hesablama Palatasının təklifini mən xüsusilə diqqətəlayiq hesab edirəm. Düşünürəm ki, doğrudan da, icra strukturlarının aşağı pilləsində tənzimləmənin kifayət qədər şəffaf olmaması ondan irəli gəlir ki, burada normativ-metodik sənədlər kifayət qədər yoxdur. Bununla bağlı Hesablama Palatasının təkliflərini mən bir daha qiymətləndirirəm.
Düşünürəm ki, Nazirlər Kabineti tərəfindən Hesablama Palatasının bu təkliflərinin qəbul olunması gələcəkdə büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsində, şəffaflığın təmin olunmasında çox böyük uğurlar qazandıra bilər. Hesablama Palatasının birillik hesabatı çox böyük, gərgin və məhsuldar əməyin təzahürüdür. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, Hesablama Palatasının illik hesabatı qənaətbəxş qiymətləndirilməklə nəzərə alınsın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk öncə mən bir prosedur qaydasına iradımı bildirmək istəyirəm. Milli Məclisin büdcə vəsaitlərinin xərclənməsi üzərində nəzarət sahəsində təşkil etdiyi tək orqan Hesablama Palatasıdır. İldə bir dəfə Hesablama Palatası büdcə məsələsi ilə bağlı rəydən əlavə hesabat verir. Belə bir hesabat prosesində bizim hər hansı bir şəkildə müzakirədən yayınmağımız, yaxud da müzakirənin millət vəkilləri tərəfindən dərhal dayandırılmasının tələb edilməsi mümkün deyil. Bəzən bizim ölkədə demokratiya bir tərəfə, demokratiyanın imitasiyasından da imtina olunur. Bu müzakirə, bəzi tənqidi fikirlərin eşidilməsi nə problem yaradacaq? Ona görə də mən hesab edirəm ki, bu kimi məsələlərə belə yanaşma doğru qəbul edilməməlidir.
Birinci, Hesablama Palatasında, təbii, əziyyət çəkiblər, il ərzində gördükləri zəhmətin müqabilində bir hesabat təqdim ediblər. Kifayət qədər dəyərli araşdırmalar var. Amma məni maraqlandıran başqa məsələdir. Milli Məclis və Hesablama Palatası arasında olan münasibətlər məsələsidir. Diqqət edirsinizsə, 6-cı səhifədə xüsusi olaraq vurğulanıb ki, “hesabat ili ərzində qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələrdən, o cümlədən Azərbaycan Respublikasının Prezidentindən, Azərbaycan Respublikasının Milli Məclisindən və Azərbaycan Respublikası Milli Məclisinin komitələrindən tapşırıq, sorğu və təkliflər daxil olmamışdır”. Onda biz Hesablama Palatasının üzərinə niyə bu qədər yüklənirik? Yəni bizim hər hansı bir şəkildə dəstək verməyimiz bununla müəyyən olunur? Hər gün komitələrə yüzlərlə müraciət, sənəd daxil olur. Biri əgər Hesablama Palatasına göndərilmirsə, demək, bu münasibətlər, mənə elə gəlir ki, lazımi səviyyədə qurulmayıb. Hesablama Palatasına da bizim dəstəyimiz məhz bu formada olmalıdır.
İkinci, iş planının təsdiqi məsələsinə toxunmaq istəyirəm. Burada çox hörmətli və peşəkarlığına da xüsusi hörmət bəslədiyim Heydər müəllim bildirdi ki, mətbuatda bəzən yanlış ifadələr işlədirlər, müəyyən səhv təsvirlər verirlər. Amma burada mən baxıram, hesabat ili ərzində mətbuat orqanlarına cəmi 5 məktub göndərilib. Heç nə demirəm, iş planına “Azərbaycan” qəzetində neqativ hallar haqqında dərc olunan məqalələrlə bağlı audit yoxlamalarının aparılmasının salınması kifayət edərdi ki, istənilən sahədə, xüsusilə də infrastruktur obyektlərində audit yoxlamanın təşkili iş planında yer alsın.
Amma bu rəydə daha çox nəyi nəzərdə tuturuq? Korrupsiyaya qarşı mübarizədə son gəldiyimiz görüntü odur ki, böyük bir balina gəmisində biz çömçə balıqlar tutmaqla məşğuluq. Əsas mahiyyət – inhisarçılıq, iqtisadiyyatı tormozlayan amillər, bank sektorunda, başqa sahələrdə olan problemlər bir tərəfdə qaldı, burada “3 həkim, 2 müəllim getdi” kimi faktlar göstərilir. Yerli icra orqanlarının fəaliyyəti, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı bir neçə yoxlama aparılıb. Yaxşıdır, yoxlanıb, aşkarlanıb ki, məktəbdə filan qədər vəsait çatışmır, 3 müəllimə artıq əmək haqqı verilib, laborant əvəzinə başqa ixtisasdan adam işləyib. Amma bu məktəblərin tikintisində Amerika səfirliyinin xərci, bizim xərclədiyimiz 1 milyon manat məsələsinə müdaxilə olunmayıb, məsələyə münasibət bildirilməyib. Abadlıq-quraşdırma işləri ilə bağlı büdcə vəsaitlərinin xərclənməsi geniş miqyasda göstərilir. Bu abadlıq-quraşdırma işlərinin hamısı səmərəlidirmi?
Mən bir fakta diqqət yetirmək istəyirəm. Rayonda icra başçısı dəyişdirilir. Azərbaycanın istənilən rayonunda bunu müşahidə eləyə bilərsiniz. 3 il qabaq digər icra başçısı gəlir, bütün asfaltı, mağazaların qabağını, mağazaların görüntüsünü, üz örtüyünü, hər şeyi dəyişdirir. Sahibkarların böyük əksəriyyəti min-iki min manat verir. İki ildən sonra Prezident yeni icra başçısı təyin edir. Hakimiyyət dəyişməyib ki? Eyni partiyadır, eyni mənbədən olan təyinatdır. O da gəlir, iki il öncəki icra başçısının tikdiyi mağazanı sökür, yerə döşədiyi bütün daşları çıxarır və yerinə daş düzür. Bir-iki ildə ölkədə nə qədər bordyur dəyişmək olar? Qəsəbələrin hamısında səkilərin hamısı təzədən söküldü. Bu vəsaitləri belə boşuna xərcləmək olmaz axı. Bu ölkənin yüzlərlə...
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Biz burada Hesablama Palatasının sədri cənab Əsədovun məruzəsini dinlədik. Qeyd edim ki, bu məruzədə Hesablama Palatasının 2010-cu ildə gördüyü işlər çox bitkin və peşəkar şəkildə təqdim olunubdur. Əlbəttə, Hesablama Palatasının funksiyası hamımıza bəllidir. Bunu təkrarlamağa ehtiyac yoxdur. Hesablama Palatasının fəaliyyəti də Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərə adekvat olaraq dəyişməkdədir. Yəni Azərbaycanda sosial-iqtisadi həyatda güclü dəyişikliklər baş verir. Cəmiyyətimiz keyfiyyətcə yeni mərhələyə daxil olubdur. Baş verən bu dəyişikliklər, xüsusilə iqtisadi sahədə əldə etdiyimiz uğurlar Hesablama Palatasının da fəaliyyətini genişləndiribdir. Bunu hörmətli Ziyad müəllim çıxışında qeyd etdi. Audit yoxlamalarının dinamikası ilə bağlı rəqəm göstərdi. Həmin rəqəmlər də bir daha göstərdi ki, Hesablama Palatasının iqtisadi xarakterli yoxlamaları, xüsusilə büdcə vəsaitinin xərclənməsi ilə əlaqədar infrastrukturda gedən proseslə bağlı həyata keçirilən iqtisadi layihələrin yoxlanması artmaqda davam edir. Hesab edirəm ki, gələcəkdə bu daha da artacaqdır. Çünki Azərbaycanın büdcəsi ilbəil artır və büdcə artdıqca həmin artıma uyğun şəkildə də Hesablama Palatası büdcə xərclərini diqqətlə nəzərdən keçirməli, yoxlamalı, vergidən yayınma hallarının qarşısını almaq üçün tədbirlər görməlidir və sair.
Cəmiyyətin yeni mərhələyə daxil olması ilə əlaqədar, bilirsiniz ki, Azərbaycanda Prezident İlham Əliyevin birbaşa özünün göstərişi ilə neqativ hallara qarşı geniş mübarizə başlanıbdır. Bu geniş mübarizə hər tərəfdə, müxtəlif sahələrdə 3 istiqamətdə gedir. Bu istiqamətlərdən biri də iqtisadi istiqamətdir. İqtisadi istiqamətdə korrupsiyaya, müxtəlif neqativ hallara qarşı mübarizədə Hesablama Palatasının üzərinə çox böyük məsuliyyət, yük düşür. Hesablama Palatası 2011-ci ildə bu fəaliyyətini daha da genişləndirməlidir.
Hesablama Palatasının təklifləri var. Bunların içərisində dəbdəbəli xərclərin azaldılması ilə bağlı təkliflər də yer tutur. Bu, doğrudan da, təqdirəlayiq təkliflərdən biridir. Bütün dünyada dəbdəbə xərclərinin azaldılması istiqamətində geniş işlər aparılmaqdadır. Yəni bütün ölkələrdə bununla bağlı işlər görülür və Azərbaycanda da bunu həyata keçirmək və bu istiqamətdə fəaliyyəti daha da genişləndirmək lazımdır. Bəzi nazirliklərdə əsası olmayan xərclərin həyata keçirilməsinin qarşısı alınmalıdır, qənaətə geniş yer verilməlidir. Azərbaycanın sərvəti artdıqca Azərbaycanda paralel surətdə qənaət istiqamətində işlər görülməlidir. Bunu bizim maliyyə strukturları, o cümlədən Hesablama Palatası etməlidir.
Azərbaycanda çox böyük tenderlər keçirilir. İqtisadi layihələrlə bağlı tenderlərə Hesablama Palatası müdaxilə etməlidir. Ola bilsin ki, əvvəldən bu işdə, prosesdə iştirak ilə bağlı addımlar atılmalıdır. Əgər bununla bağlı qanunvericilikdə boşluq varsa, bu, həll olunmalıdır. Biz nəticə ilə deyil, səbəb ilə mübarizə aparmalıyıq. Səbəbin olmaması, nəticənin yaranmaması üçün əvvəlcədən önləyici tədbirlər görülməlidir.
Ümumiyyətlə, bu gün Azərbaycanda bütün sahələrin fəaliyyəti tənqidə məruz qaldığı kimi, Hesablama Palatası sədrinin özü də dedi, palatanın fəaliyyəti mətbuatda bu və ya digər formada təhrif, tənqid olunur. Onu da qeyd edim ki, bu təhrif və tənqid ilə məşğul olanlar, xüsusilə radikal dairələrin nəzarətindəki mətbuatdakı yazılar tam qeyri-peşəkar yazılardır. Onlar bu və ya digər hadisəni şişirdir, sonra məlum olur ki, belə bir hadisə olmayıbdır, onların yazdıqlarının arxasında heç bir fakt dayanmır. Ona görə də Hesablama Palatası bu cür hallara yol verməmək üçün audit yoxlamaları ilə bağlı vaxtaşırı cəmiyyəti, mətbuatı məlumatlandırmalıdır. Mətbuatla sıx əlaqə yaradılmalıdır ki, Hesablama Palatasının fəaliyyəti mətbuata kifayət qədər çatdırılmış olsun. Hesablama Palatasının sədri bir neçə dəfə Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransları keçirib. Həmin konfranslarda söylənilən fikirlərin palatanın fəaliyyətini işıqlandırmaqda əhəmiyyətli rolu olub.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Əlbəttə, mən Hesablama Palatasına münasibətdə fərqli mövqeyə malikəm. Düşünürəm ki, Hesablama Palatası, Oqtay müəllimin söylədiyi kimi, nə Respublika Prokurorluğunun, nə Maliyyə Nazirliyinin, nə də ayrı-ayrı qurumların səlahiyyətlərini mənimsəyərək fəaliyyət göstərə bilər. Hesablama Palatasının konkret səlahiyyətləri var və öz işini də həmin səlahiyyətlər çərçivəsində qurmalıdır, necə ki qurulur. Düşünürəm ki, onun fəaliyyəti kifayət qədər peşəkar səviyyədə qurulur. Dünyada və Azərbaycanda gedən proseslərin mahiyyətinə və məntiqinə uyğun işini quran Hesablama Palatası fəaliyyətində peşəkarlığa, dövlətin maliyyə resurslarının müəyyən paraqraflara uyğun olaraq sərf edilməsinə prinsipial münasibəti ilə fərqlənir. Artıq biz bir neçə ildir ki, bunun canlı şahidlərinə çevrilmişik.
Ümidvaram ki, millət vəkilləri mənim bu sözlərimi kifayət qədər səmimi qəbul edəcəkdir. İndiki komandası yığılana qədər Hesablama Palatası hansı vəziyyətdə idi? Demək olar ki, yoxlamalar aparılmırdı, aparılan yoxlamalar çox şərti xarakter daşıyırdı və sair. Hesablama Palatası üzərinə düşən vəzifəni bu gün uğurla yerinə yetirir, səlahiyyəti çərçivəsində addımlarını atır. Məncə, Hesablama Palatasının fəaliyyətinin fəlsəfəsində daha çox maarifçiliyə, tədbirlərin həyata keçirilməsində inzibati metodlardan kənarlaşaraq daha çox tərbiyəvi xarakter daşıyan bir metodun tətbiqinə üstünlük verilir. Bu da mənfi xüsusiyyət deyil. İnzibati orqanlar var, həmin inzibati orqanlar kifayət qədər məlumatlıdırlar, bu məlumatlar əsasında da hər hansı ciddi maliyyə maxinasiyalarına görə cinayət işi aça və ayrı-ayrı adamları da cinayət məsuliyyətinə cəlb edə, müvafiq qanunlar çərçivəsində addımlar ata bilərlər. Hesablama Palatasının başlıca vəzifəsi büdcədən ayrılan vəsaitin qanunsuz yolla sərf olunmasına, mənimsənilməsinə qarşı iradəsini ortalığa qoymaqdır. Bu da var.
Digər tərəfdən, mənim materialla tanışlıqdan çıxardığım ikinci müsbət nəticə bundan ibarətdir ki, Hesablama Palatası Vergilər Nazirliyi ilə bərabər yoxlamalar apararaq vergilərdən yayınanlarla bağlı konkret addımlar atır və bununla bağlı sanksiyaları həyata keçirir. Bundan çıxış edərək mən demək istərdim ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin bu cür fəaliyyətləri ciddi diqqət mərkəzində olmalıdır və həmin praktika bundan sonra da tətbiq edilməlidir.
Digər tərəfdən, Hesablama Palatası ölkə Prezidentinin korrupsiyaya qarşı mübarizə açmasını önə çəkərək bu məsələdə ölkə Prezidentinə daha çox yardımçı olmalıdır, ona daha çox kömək etməlidir. Əlbəttə, bununla bağlı bizim, millət vəkillərinin də üzərinə ciddi vəzifələr düşür. Yəni biz istər yazılı şəkildə, istərsə də bu cür hesabatlarda bizə daxil olan məlumatları yazılı şəkildə Hesablama Palatasının diqqətinə çatdırmalıyıq ki, palata da həmin faktlara uyğun olaraq araşdırmalar aparsın.
Məncə, Hesablama Palatasının işinin şəffaf qurulmasının mühüm şərtlərindən biri bundan sonra mətbuata daha çox açıq olmasına üstünlük verilməsidir. Üç aydan bir mətbuat konfransı keçirilə, görülən işlərin hesabatı verilə, görülən işlərin ayrı-ayrı tərəfləri işıqlandırıla bilər. Beləliklə, cəmiyyət Hesablama Palatasının fəaliyyəti haqqında kifayət qədər informasiyaya malik ola bilər.
Çıxışımın sonunda Hesablama Palatasının illik fəaliyyətini müsbət qiymətləndirirəm və hörmətli millət vəkillərini hesabata səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də Hesablama Palatasının hesabatını məqbul hesab edirəm, çox yaxşı hazırlanmış bir hesabatdır. Ümumiyyətlə, mən çıxış etmək istəmirdim, çünki hesabat çox yaxşı hazırlanıbdır. Bir məsələyə iradımı bildirmək istəyirəm. Burada belə bir məsələ ortaya çıxır ki, çıxışlar ediləndə demokratiya var, çıxış olmayanda qeyri-demokratikdir? Bu nəyin göstəricisidir? Elə olub ki, bu parlamentdə qanun çox yaxşı hazırlanıb, üç oxunuşu birdən keçmişik. Ola bilər ki, təcrübəsi və ya stajı az olan deputatların yadında qalmayıbdır, amma mənim çox yaxşı yadımdadır.
Hesablama Palatasının hazırladığı hesabat çox yaxşıdır, həmkarlarımız tərəfindən məqbul hesab olunur. Deputatlar deyirlər ki, bunu müzakirə etmirik, çox yaxşı hazırlanıb, qənaətbəxş hesab edirik. Bununla bağlı insanlara irad tutmaq lazımdır ki, niyə çıxış etmirsiniz, münasibət bildirmirsiniz? Münasibət bildirək. Münasibətimiz çox yaxşıdır, çox yaxşı, peşəkarlıqla hazırlanıb. Qısa müddət ərzində bu qədər iş görülüb, yoxlama işləri aparılıb. Belə yoxlamalar bir-iki saatın içində olmur, aylarla çəkir. Hesablama Palatasının bir ordu qədər qüvvəsi yoxdur. Nə qədər imkanı var, maksimum dərəcədə çalışırlar ki, yoxlasınlar, araşdırsınlar və bunlarla bağlı nəticələri təqdim etsinlər. Necə ki bu gün Milli Məclisə təqdim ediblər.
Nöqsanların olduğu sahələrdə imkan yaratmaq lazımdır ki, insanlar bu nöqsanları aradan qaldırsınlar. Elə cəza metodu ilə hər bir məsələni həyata keçirmək olmaz. Biz Cinayət Məcəlləsində bəzi maddələri yüngülləşdirib bir çox cəzaları cərimələr yolu ilə həyata keçirmək istəyirik. Ağır cinayətlərdən başqa, digər cinayətlərdə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar cəzanı yüngülləşdirmək istəyirik. Belə olan halda məlumatların hamısını prokurorluğa göndərsinlər? Bəlkə burada səhvlərin düzəldilməsi mexanizmi mövcuddur. Vəsaitin geri qaytarılma mexanizmi mövcuddursa, artıq bundan artıq olunmalıdır. Bu heç də pis metod deyil.
Burada həmkarım Mübariz müəllim söylədi ki, Hesablama Palatasının məlumatları mətbuat orqanlarında dərc olunmalıdır. Mən aşkarlığa tərəfdaram. Lakin mətbuat orqanında göstərilsə ki, filan-filan nazirliklərdə Hesablama Palatası yoxlama aparır, həmin nazirliklərin günü olacaq qara. Biri yazacaq ki, artıq buna münasibət dəyişib, digəri deyəcək ki, filankəs ölkədən qaçdı. Bu biri deyəcək, filankəsi artıq işdən azad edirlər. Niyə Hesablama Palatası onu yoxlayır? Burada nəsə var. Bu məsələ planlı şəkildə də ortaya qoyulanda başlayırlar bu cür ara qızışdırmağa və qarşıdurma yaratmağa. Bu qarşıdurmanın nəticəsində də insanlar ziyan çəkirlər. Amma mətbuat tərəfindən bu məsələyə obyektiv yanaşılması, hesab edirəm ki, məqbul olur. Burada qeyd olunan fikirlərlə mən şərikəm.
Xarici təşkilatlarda, bəli, Hesablama Palatası iş aparmalıdır. Çox düzgün olaraq qeyd edildi ki, büdcədən vəsaitlərin ayrılmasına tək bir orqan nəzarət etmir. Bununla bağlı Maliyyə Nazirliyinin, vergi, prokurorluq orqanlarının öz funksiyaları var. İndi bir əmək inspeksiyası yaradıblar, bununla bağlı onun öz funksiyası var və sair. Bütün bu orqanların yükünü və vəzifəsini Hesablama Palatasının üstünə qoyuruq ki, Hesablama Palatası bununla bağlı cavab versin.
Hesab edirəm ki, hesabat çox məqbul hazırlanıb və deputat həmkarlarımı buna səs verməyə çağırıram. Oqtay müəllim, sonda da bir təklifim var. Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi birinci oxunuşda təqdim edilib. Konseptual baxımdan da çox yaxşı hazırlanıbdır. Əgər imkan varsa, Eldar müəllim qanun layihəsini təqdim etsin, fikirlərimizi söyləyək, fasiləsiz işləyək, işimizi başa çatdıraq.
Sədrlik edən. Mən də həmişə fasiləsiz işləməyə tərəfdar olmuşam. Ancaq fasiləsiz işləyəndə millət vəkillərinin yarısı olmur. Ayda 2–4 iclas olur, xahiş edirəm, fasilə ilə, normal qaydada işləyək. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Qısaca danışacağam. Hesablama Palatasının 2010-cu ildəki fəaliyyəti ilə bağlı təqdim olunan hesabatı diqqətlə oxumuşam. Vaxtın azlığını nəzərə alıb fikrimi bir-iki dəqiqəyə yekunlaşdırmağa çalışacağam. Əvvəla, qeyd etmək istəyirəm ki, həqiqətən də, hesabatda qeyd olunduğu kimi, 2008-ci illə 2010-cu il arasında müqayisələr apardıqda, doğrudan da, Hesablama Palatasının fəaliyyətindəki canlanmanı və daha geniş fəaliyyət formalarını hiss edirik. Qısaca qeyd etmək istəyirəm ki, adicə audit tədbirlərinın sayının 23-dən 41-ə qaldırılması, audit obyektlərinin sayının 26-dan 76-ya, kollegiya iclaslarında baxılmış məsələlərin sayının 58-dən 84-ə çatdırılması, həqiqətən də, Hesablama Palatasının işinin və fəaliyyətinin keyfiyyətinin artdığını göstərir.
Mən Hesablama Palatasının yoxlamaları zamanı üzə çıxan neqativ məqamlarla bağlı bir-iki kəlmə qeyd etmək istəyirəm. Hesabatla tanış olarkən görürsən ki, çoxlu sayda dövlət büdcə təşkilatlarında müəyyən qaydalar pozulur və bu pozuntular maliyyə sənədləri ilə bağlıdır. Haqlı olaraq Heydər müəllim qeyd etdi ki, bunlarla bağlı müvafiq hüquq mühafizə orqanlarına məlumat verilib. Amma çox təəssüf edirəm ki, görülən tədbirlərin sayı azdır. Yəni bunun Hesablama Palatasına aidiyyəti yoxdur. Mən çox istərdim ki, hüquq mühafizə orqanlarına göndərilən sənədlərə hüquqi qiymətlər verilsin. Burada dövlət vəsaitinin mənimsənilməsindən, vəzifə saxtakarlığından, səlahiyyət həddini aşmaqdan söhbət gedir. Gələcəkdə çox istərdim ki, Hesablama Palatası göndərmiş olduğu bu sənədlərə verilən qiymətlərlə bağlı nəzarət funksiyasını həyata keçirsin.
Burada “Azəryolservis” ASC-nin, bizim səfirliklərin, konsulluqların fəaliyyətindəki məqamların göstərilməsi bir daha sübut edir ki, heç kimə güzəşt olunmadan çox obyektiv və ədalətli yoxlamalar keçirilib. Amma istərdim ki, sonra imkan olsa, Heydər müəllim bir məsələni aydınlaşdırsın. Hesabatın 105-ci səhifəsində qeyd olunur ki, Kürdəmir–İmişli avtomobil yolunun əsaslı təmiri başa çatdırılıb. Hesab edirəm ki, həmin yolun əsaslı təmiri başa çatdırılmayıb, çünki mən bu yolla seçicilərimlə görüş üçün gedirəm və orada bərbad yerlər var. Xahiş edərdim ki, bu məqamı xüsusi qeyd edib araşdırasınız.
Bir də həmkarlarımın bəziləri ilə razı deyiləm. Audit yoxlamalarının nəticələrinin, Heydər müəllimin təklifinə şərik olaraq qeyd edirəm ki, saytda yerləşdirilməsi olduqca məqsədəuyğun və aşkarlığın təzahürü olardı. Bundan qorxmağa dəyməz. Ümumilikdə mən bu hesabatı normal qəbul edirəm və həmkarlarımı da hesabata səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Səsə qoymazdan əvvəl imkan verəcəyəm, Heydər müəllim də bir neçə kəlmə desin. Ancaq mənim də bir fikrim var. Əgər yadınızdadırsa, biz 2006-cı ildə Nazirlər Kabinetinin hesabatını ilk dəfə dinləyəndə söylədik ki, millət vəkillərinin dedikləri tapşırıqlar, tövsiyələr, iradlar öz əksini gələcək hesabatda tapsın. Düzdür, millət vəkilləri tərəfindən çox tövsiyələr, tapşırıqlar verilməyib. Xahiş edərdim ki, Hesablama Palatası gələcəkdə bu məsələni özü üçün qeyd etsin və hər hesabatda bunlar öz əksini tapsın. Buyurun, Heydər müəllim.
H.Əsədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Öncə çıxış edən hər bir millət vəkilinə öz təşəkkürümüzü bildiririk, millət vəkillərinin əksəriyyəti bizim az işimizə yüksək qiymət verdilər. Biz özümüz də hiss edirik ki, üzərimizə qoyulmuş bütün funksional vəzifələrin icrasını bəzən tamamilə həyata keçirə bilmirik. Amma onu müxtəlif istiqamətlərdə təkmilləşdirmək olar. Eyni zamanda, mövcud dövrün inkişaf potensialını nəzərə alaraq biz bu addımları atmağa məcbur oluruq.
Mən hər bir millət vəkilinə işimizin təkmilləşdirilməsi üçün verdiyi təklifə görə təşəkkür edirəm. Mən sizi əmin edirəm ki, verdiyiniz hər bir təklifin qeydiyyatı tərəfimizdən aparılır və gələcək fəaliyyətimizdə verilən peşəkar təkliflərin hər birindən istifadə olunacaqdır. Amma, Oqtay müəllim, mən, sadəcə, diskussiya açmaq xətrinə deyil, müəyyən məqamlara aydınlıq gətirmək istəyirəm. Məsələlər düzgün qaldırılır. Amma bəzən elə məsələ var ki, onun yenə deyirəm, iqtisadi mahiyyətinə varmaq lazımdır.
Qüdrət müəllim qeyd edir ki, Heydər Əsədov gəlirliliyi qeyd etmir. Bilmirik, neçə faizdədir, nədədir, necə yerləşdirilib? Hörmətli Qüdrət müəllim, səhmlərdə gəlirlilik verilmir. İl sona çatır, səhmdara dividendlər verilir. Heydər müəllim bu gəlirlilik səviyyəsini deyə bilməz. O ki qaldı istiqrazlara və digər qiymətli kağızların yerləşdirilməsinə, azacıq iqtisadiyyatla məşğul olan adamlar bilirlər. London İnterbank Offered Rate gündəlik olaraq LİBOR dərəcəsini müəyyən edir və kağızlar müəyyən edilmiş həmin qiymətlərlə yerləşdirilir. Buna “axıcı dərəcəli” deyirlər, fiksasiya edilmiş deyil. Heydər müəllim burada oturub onu qeyd edə bilməz. Yəni mən istəyirəm, siz bunu biləsiniz. Vəsaitin Asiya və ya Avropada yerləşdirilməsi haqqında deyirsiniz. Mən qısaca məlumat verirəm, məndə hər bir qiymətli kağız, depozit, hər bir ölkə üzrə məlumatlar var. Amma mənim tribunadan hər bir ölkədə neçə faiz yerləşdirilməsini demək imkanım yoxdur. Mən çox xahiş edirəm, siz bunları nəzərə alasınız.
Xarici şirkətlərin yoxlanmasına gəldikdə deyim ki, xarici şirkətlərin çoxu kommersiya fəaliyyəti ilə məşğuldur, yəni kommersiya tipli təsərrüfat təşkilatlarıdır. Bizim onların fəaliyyətini yoxlamaq imkanımız yoxdur. Bəzi xarici təşkilatlar burada müəyyən, təsdiq olunmuş protokollara əsasən qanun daxilində fəaliyyət göstərirlər. Biz protokolların müddəalarını nəzərə almaqla onların fəaliyyətinə müdaxilə edə bilərik. Yəni istənilən vaxt Hesablama Palatasının gedib orada yoxlama keçirməsi imkanı yoxdur. Mən çox xahiş edirəm, nəzərə alasınız.
Üçüncü məsələ prokurorluq məsələsidir. Mən çox üzr istəyirəm. Bizim palata böyük bir komandadır, orada iqtisadçılarla yanaşı, hüquq şöbəsi də var. Ola bilməz, siz bizim haqqımızda belə düşünəsiniz ki, biz hansı isə cinayət xarakterli əməllər tapırıq, amma bunu prokurorluğa göndərmirik. Biz bunun məsuliyyətini tam anlayırıq. Təbii ki, tapılmış bütün nöqsanlara biz cavabdehik. Göndərmədiyimizə görə birbaşa qanun və hökumət, dövlət rəhbərliyi qarşısında cavabdehlik daşıyırıq. Amma biz bunun xarakterini dəfələrlə müzakirə edirik. Ola bilsin, tarifikasiya nəticəsində kimə isə artıq əmək haqqı verilir, kim isə müəllimlərə, yaxud sağlamlıq imkanları məhdud olan uşaqlara yol pulunun ödənilməsi haqqında təlimatı bilmir. Bunun nəticəsində artıq pul ödənibsə, bunu alan adam gətirib pulu yerinə qoyursa, niyə mən sənədləri prokurorluğa göndərməliyəm? Prokurorluqla bizim memorandumumuz var. Yoxlamaların yekununu şifahi də olsa, biz müzakirə edirik. Harada cinayət amili varsa, sənədlər mütləq və mütləq prokurorluğa göndərilir. Amma əgər bu vəsait ödənilirsə və dövlətə dəyən zərərdə cinayət amili görmürüksə, mən sənədləri prokurorluğa necə göndərə bilərəm?
Bu təklifləri mən məmnuniyyətlə, böyük təmkinlə dinləyirəm və həyata keçirməyə hazıram. Fazil müəllimin dedikləri ilə tam şərikəm. Doğrudan da, problem var, bir yerdə abadlaşdırma və bərpa işləri aparılarkən bəzən bir neçə mənbədən vəsait qoyulur. Rusiyada və xaricdə yaşayanlar və bu kimi digər adamlar, kuratorluq edənlər də vəsait qoyurlar. Bu məsələ qaldırılıb. Fazil müəllim, 166-cı səhifəyə baxsanız, görərsiniz, eyni yerə bir neçə mənbədən qoyulan kredit, ianə, büdcə hesabına vəsaitlərin uçotunun aparılması üçün koordinasiya mərkəzi yaratmaq təklifi artıq hökumətə verilmişdir. Biz bunu nəzərə almışıq.
Mübariz müəllim gözəl məsələ qaldırdı. Mən onunla tam şərikəm. Hesablama Palatası nəinki yoxlamalar aparmalıdır, həm də cari əməliyyat proseslərinə nəzarəti təmin etməlidir. Bunun üçün Maliyyə Nazirliyində xəzinədarlıq prosesinin avtomatlaşdırılması işi gedir. Xəzinədarlıq prosesinin avtomatlaşdırılması işi qurtarandan sonra Avropa ölkələrində və inkişaf etmiş ölkələrdə olduğu kimi, biz də çalışacağıq ki, onlayn sistemində bu prosesə qoşulaq. Birgə vəsaitlərin hərəkətinin nəinki hər birini yerində yoxlayaq, sadəcə, onlayn sistemində izləyək və öz təkliflərimizi verək.
Mənim deyəcəklərim bu qədər. Mən hər bir xırda məsələyə münasibət bildirmək istəmirəm. Çox sağ olun. Bir daha bildirirəm ki, hörmətli millət vəkilləri ilə birgə işləməyə, verdiyiniz bütün təklifləri nəzərə almağa hazırıq. Mən əminəm ki, verilən təkliflər ümumi işimizin yaxşılaşdırılmasına xidmət göstərəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Heydər müəllim. Mən hesab edirəm ki, çıxışlarda qaldırılan məsələlərə izahat verildi. Xahiş edirəm, hesabata münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun. Hesabat nəzərə alındı. Hesablama Palatasını təbrik edirik. Sağ olun. Fasilə elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. İclası davam etdiririk. Gündəliyin ikinci məsələsi Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyurun, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar! Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin başladığı və hörmətli Prezidentimiz cənab İlham Əliyevin davam etdirdiyi aqrar siyasət, dövlətin aqrar sahibkarlığının inkişafı üçün yaratdığı əlverişli iqtisadi şərait, kənd təsərrüfatına ayrılan birbaşa və dolayı subsidiyalar, vergi və gömrük güzəştləri, dövlət və özəl investisiyalar, digər məqsədyönlü tədbirlər ölkədə kənd təsərrüfatının inkişafına güclü təkan vermişdir. Buna baxmayaraq, bitkiçilik və heyvandarlıqda məhsuldarlığın səviyyəsi, məhsulun keyfiyyəti və maya dəyəri, kənd təsərrüfatında əmək məhsuldarlığı müasir tələblərə tam cavab vermir.
Ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv qəbul edilmək ərəfəsində olmasını nəzərə aldıqda isə bu məsələ daha aktual bir problemə çevrilir və onun həlli üçün səmərəli yollardan istifadə edilməsinə ehtiyac yaranır. Hesab edirik ki, Azərbaycan Respublikasının dünya aqrar iqtisadiyyatında özünə layiqli yer tutmasında inkişaf etmiş müxtəlif ölkələrin iqtisadi sistemlərində uğurla sınaqdan çıxmış kənd təsərrüfatı kooperasiyasının böyük əhəmiyyəti ola bilərdi.
Birgə məqsədləri həyata keçirmək üçün iştirakçıların səy və resurslarının könüllü birləşməsi olan kooperasiya şəhərlə kənd, sənaye ilə kənd təsərrüfatı arasında əmtəə mübadiləsini həyata keçirir, istehsal, emal, satış və təchizat problemlərinin effektiv həll edilməsində əhəmiyyətli rol oynayır. Əsası hələ XVII–XVIII əsrlərdə qoyulmuş Avropa kooperativ hərəkatı böyük inkişaf yolu keçmişdir. İngiltərə, İtaliya, Fransa, Almaniya, Danimarka, Finlandiya və digər Avropa dövlətləri hələ XIX əsrin ikinci yarısında kooperasiya sisteminin qanunvericilik bazasını yaratmağa başlamışlar.
1895-ci ildə dünyanın müxtəlif ölkələrinin kooperativ birlikləri Beynəlxalq Kooperativ Alyansı adlanan kooperativlər ittifaqında birləşdilər. Hazırda bu alyans 210 ölkənin 750 milyondan çox kooperatorunun simasında 200 beynəlxalq və milli kooperativ təşkilatlarını əhatə edir.
 Bu gün ABŞ-da, əksər Avropa və Asiya dövlətlərində aqrar sektorun kooperasiyası, maliyyə-kredit və sığorta məsələlərini tənzimləyən və stimullaşdıran çoxlu sayda hər birində 5–10 qanun olmaqla qanunvericilik aktları qəbul edilmişdir.
1916-cı ildə ABŞ Konqresinin təşəbbüsü ilə ABŞ-da kənd təsərrüfatını etibarlı kredit mənbəyi ilə təmin etmək üçün fermerlərin kreditləşməsi sistemi – Farm Credit System yaradılmışdır. Fermerlərin kreditləşməsi sisteminə xüsusi mülkiyyətdə olan və kooperasiya əsasında fəaliyyət göstərən banklar və assosiasiyalar daxildir. Fermerlərin kreditləşməsi sisteminin üzvləri isə fermerlər və onların müxtəlif təyinatlı kooperativləridir.
Fermerlərin kreditləşməsi sisteminin təşkilinin hüquqi əsasını müxtəlif vaxtlarda qəbul edilmiş “Federal fermer kreditləri haqqında”, “Kooperativlər haqqında”, “Kənd təsərrüfatı krediti haqqında”, “Kənd təsərrüfatı marketinqi haqqında”, “Fermer ipotekası haqqında”, “Fermer krediti haqqında” və digər qanunlar təşkil edir.
ABŞ hökuməti kooperativlərin fəaliyyətini güzəştli vergilər, kreditlər və subsidiyalar vasitəsilə daim himayə edir. Kooperativlər təhsilə, elmi tədqiqata, fermerlərə kömək, dövlət orqanlarında öz üzvlərinin marağını müdafiə etmək kimi fəaliyyətlərə cəlb olunurlar.
Fransa dövləti kooperativə dövlət və xüsusidən sonra üçüncü sektor kimi baxır. 1947-ci ildə qəbul edilən “Kooperasiya haqqında” Qanundan başqa, kənd təsərrüfatı sahəsində kooperasiya münasibətlərini tənzimləyən 10 qanun qəbul edilmişdir.
Kənd təsərrüfatı istehsalı kooperativlərinin kreditləşməsini iri kooperativ kredit sistemi olan “Kredi Aprikol” həyata keçirir. O, kənd təsərrüfatının kredit tələbatının 75 faizini ödəyir. Fransa qanunvericiliyi kooperativ fəaliyyətinin kommersiya xarakterini qəbul etməklə yanaşı, kənd təsərrüfatı kooperativlərini mənfəət və torpaq vergisi ödənişindən tam azad edir.
Almaniyada kooperativlərin fəaliyyəti istehsal və istehlak kooperativləri haqqında qanunvericilik aktları ilə tənzimlənir. Almaniya Federal Hökuməti kooperativlərin inkişafının stimullaşdırılması üçün vergi güzəştləri, aşağı faizli kreditlər, müxtəlif subsidiyalar verməklə istehsal və istehlak kooperativlərinin fəaliyyətini dəstəkləyir.
Almaniyada fəaliyyət göstərən üçpilləli kooperasiya sistemində hər beş alman vətəndaşından biri ya kooperativin üzvü, ya da kooperasiya sisteminin iştirakçısıdır. Hazırda Rayffayzen kooperativ təşkilatının 5 minə yaxın müxtəlif təyinatlı kooperativində birləşən alman fermerləri ölkənin ərzaq və əmtəə bazarında müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Rayffayzen kredit kooperativlərinin və kooperativ banklarının isə əksər Avropa ölkələrində 30 milyondan çox müştərisi vardır.
İspaniyada “Mondraqon” adı altında istehsal, istehlak və digər təyinatlı kooperativləri birləşdirən kooperativlər təşkilatı fəaliyyət göstərir. Ölkədə kooperasiya münasibətləri “Kooperativlər haqqında” və “Kredit kooperativləri haqqında” qanunlarla tənzimlənir. Gəlir vergisinin dərəcəsi müəssisələrdə 35 faiz olduğu halda kooperativlərdə 18 faizdir. Maliyyə Nazirliyi kommersiya banklarının kooperativlərə verdiyi aşağı faizli kreditlərin fərqini dövlət vəsaiti hesabına qaytarır.
İsveçdə kooperativlər ikiqat vergitutmaya cəlb olunmur. Dövlət ayrı-ayrı məhsul istehsalının stimullaşdırılması üçün kooperativlərə birbaşa və dolayı subsidiyalar verir, lazım gəldikdə isə bütün vergi ödənişlərini dayandırır, kooperativlər tərəfindən kənd təsərrüfatının modernləşdirilməsinə, kənd təsərrüfatı texnikasının alınmasına, istehsal binalarının tikintisinə və təmirinə güzəştli kreditlər ayırır.
Hazırda Avropa İqtisadi Birliyinə daxil olan ölkələrdə kənd təsərrüfatı məhsullarının yarıdan çoxu kooperativlər vasitəsilə satılır. Danimarkada, Finlandiyada, İsveçdə, Norveçdə, İrlandiyada süd və ət məhsullarının 80–90 faizi kooperativlərdə istehsal olunur.
Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda Azərbaycanda 1 milyon 200 mindən artıq ailə, fərdi kəndli və fermer təsərrüfatı olmasına baxmayaraq, cəmi 179 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Bu kooperativlərin hər birinin kənd təsərrüfatına yararlı 33 hektar torpağı, ailə və fərdi kəndli təsərrüfatlarının hər birinin isə cəmi 1,2 hektar torpağı vardır. Belə az əkin torpağı olan təsərrüfatlarda yeni texnika və texnologiyaların tətbiqi mümkün deyil, heç səmərə də verə bilməz.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə imzaladığı fərman və sərəncamlarda kənd təsərrüfatına göstərilən dövlət dəstəyi, regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına, üzümçülüyün, pambıqçılığın, heyvandarlığın və digər sahələrin inkişafına dair verdiyi tapşırıqlar da kənd təsərrüfatı kooperasiyasının məqsəd və vəzifələri ilə üst-üstə düşür.
Kənd təsərrüfatında kooperasiya sisteminin əsas hədəfi həm də kooperativ üzvlərinin təsərrüfat fəaliyyəti üçün maksimum rahat şərait yaratmaqdan ibarətdir. Yəni məhsul istehsalı ilə məşğul olan fermer istehsal etdiyi məhsulu satmaqda və məhsul istehsalı üçün lazım olan toxum, gübrə, texnika və digər vasitələrin alınmasında çətinlik çəkdiyinə görə bu vəzifələri özlərinin yaratdıqları kooperativlərə həvalə edirlər.
Azərbaycan fermerlərinin bugünkü durumunu hamınız bilirsiniz. Bu çətinliklər bizdə də var: fermer təkbaşına texnika ala bilmir, kredit almaqda, toxum, gübrə əldə etməkdə çətinlik çəkir, məhsul istehsal edir, bazara çıxara bilmir, ortada möhtəkirlər qazanırlar, qiymətlər isə od tutub yanır və sair. Hazırda bu çətinliklər kənd təsərrüfatının inkişafına ciddi mane olur və kooperasiyaya zəruri ehtiyac yaradır.
Kənd təsərrüfatı kooperasiyasında müasir dünya təcrübəsinin mövcudluğunu, ölkəmizdə bu sistemin uğurla tətbiq edilməsi üçün əlverişli iqtisadi, siyasi və maddi şəraitin, aqrar sahənin respublika iqtisadiyyatının qeyri-neft sektorunun prioritet bölməsi olmasını nəzərə alaraq Aqrar siyasət komitəsinin deputatları Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi hazırlamışlar. Bu qanun Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcəkdir.
Sizə təqdim edilən layihə ilkin variantdır və onun üzərində üç oxunuşda hələ çox düzəlişlər ediləcəkdir. İndi konseptual baxımdan bu qanuna ehtiyacın olub-olmaması barədə sizin fikrinizi öyrənmək və layihənin təkmilləşdirilməsində fəal iştirak etməyinizi istəyirik.
Layihənin ilkin variantı Azərbaycan Dövlət Aqrar Universitetinin professor və müəllimlərinin iştirakı ilə Gəncə şəhərində müzakirə olunmuş, ona bir sıra əlavə və dəyişikliklər edilmişdir. Layihənin təkmilləşdirilmiş variantı 20-dən çox təşkilata, o cümlədən nazirlik, komitə, agentlik, rayon və şəhər icra hakimiyyətlərinə, təhsil və elm müəssisələrinə rəyə göndərilmişdir. Alınan rəylər əsasında layihə üzərində iş davam etdirilmiş, müvafiq düzəlişlər aparılaraq sizə paylanmışdır.
Qanun layihəsi 10 fəsildən və 57 maddədən ibarətdir. Layihənin I fəsli ümumi müddəalara həsr olunmuşdur ki, burada əsas anlayışlar, qanunun məqsədi, kənd təsərrüfatında kooperasiya münasibətlərinin formaları, kənd təsərrüfatında kooperasiya modeli haqqında maddələr öz əksini tapmışdır. 4-cü maddədə kənd təsərrüfatında kooperasiya münasibətlərinin formaları və qurulması qaydaları göstərilir. 5-ci maddədə Azərbaycanda kənd təsərrüfatında tətbiq olunacaq “aşağıdan-yuxarıya” sxemi üzrə təşkilatlanan çoxpilləli kooperasiya modeli verilir.
Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının modeli dördpilləli sistem üzrə könüllülük prinsipləri əsasında aşağıdakı qaydada formalaşır:
birinci pillə – kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşərək yaratdıqları istehsal və istehlak kooperativləri;
ikinci pillə – kənd təsərrüfatı kooperativlərinin birləşərək yaratdıqları sahə kooperativ ittifaqları;
üçüncü pillə – sahə ittifaqlarının birləşərək yaratdıqları ərazi kooperativ ittifaqları;
dördüncü pillə – ərazi kooperativ ittifaqlarına aid olan mərkəzi ittifaqların yaratdıqları milli kooperativlər ittifaqı.
II fəsil kənd təsərrüfatı kooperativlərinə dair müvafiq maddələri əks etdirir. Bu maddələrdə kənd təsərrüfatı kooperativlərinin növləri, onların yaradılmasının və fəaliyyətinin əsas prinsipləri, kooperativin hüquqları, kənd təsərrüfatı kooperativləri ittifaqlarının strukturu, kooperasiya müqavilələrinin xüsusiyyətləri verilmişdir.
Kənd təsərrüfatı kooperativləri kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və hüquqi şəxslər tərəfindən məhsulların istehsalı, emalı, satışı, habelə qanunla qadağan olunmayan başqa fəaliyyətlə məşğul olmaq üçün könüllülük prinsipi əsasında mülkiyyət forması dəyişmədən pul vəsaitləri, torpaq sahələri, torpaq və əmlak paylarının birləşdirilməsi və onların kooperativin pay fonduna verilməsi yolu ilə yaradılır.
Kənd təsərrüfatı kooperativləri fəaliyyət növlərinə görə istehsal, istehlak və qarışıq növlü olurlar. İstehsal kooperativləri 5-dən az olmayan fiziki şəxs, istehlak kooperativləri isə ikidən az olmayan hüquqi şəxs və ya 5-dən az olmayan fiziki şəxs tərəfindən yaradıla bilər. İstehsal kooperativləri kommersiya xarakterli, istehlak və qarışıq kooperativlər isə qeyri-kommersiya xarakterli olurlar.
7-ci maddədə kənd təsərrüfatı kooperativlərinin yaradılmasının və fəaliyyətinin əsas prinsipləri verilmişdir ki, bu prinsiplər Beynəlxalq Kooperativlər Alyansının tələblərinə uyğundur.
III–VII fəsillərdə kənd təsərrüfatı kooperativlərinin yaradılması qaydaları, kooperativlərə üzvlük, kooperativin idarə edilməsi, kooperativin əmlakı, kooperativin yenidən təşkili və ləğv edilməsi ətraflı öz əksini tapmışdır.
VIII fəsil “Kənd təsərrüfatı kooperasiyasının dövlət tənzimlənməsi” adlanır və burada kənd təsərrüfatı kooperasiyasının formalaşmasında və inkişafında dövlətin və bələdiyyələrin vəzifələri, kooperasiyanın inkişafı üzrə dövlət proqramları, kooperasiyanın inkişafına dövlət himayəsi və maliyyə-kredit dəstəyi, kooperasiya əsasında kənd təsərrüfatında lizinq xidmətinin təşkili məsələləri verilir. Kənd təsərrüfatı kooperasiyasının ali məqsədinin ölkədə ərzaq bazarının təminatını stabilləşdirmək, əhalinin ərzaq təhlükəsizliyini təmin etmək və regionların sosial-iqtisadi inkişafına geniş imkanlar yaratmaq olduğunu nəzərə alaraq, 49-cu və 50-ci maddələrdə kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət himayəsinin istiqamətləri və maliyyə-kredit dəstəyinin formaları öz əksini tapmışdır.
IX fəslin 52–55-ci maddələrində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı bazarlarının yaradılması, kooperativ bazarlarının təşkili, kənd təsərrüfatı bazarlarında və kənd təsərrüfatı məhsulları yarmarkalarında kooperativlərə ticarət yerlərinin ayrılması qaydaları və şərtləri verilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları və istehlakçıları arasında birbaşa əlaqə yaratmaq, mövcud bazarlarla rəqabət aparmaq və qiymətlərin bahalaşmasının qarşısını almaq məqsədi ilə 53-cü maddədə kooperativ bazarların təşkili nəzərdə tutulur.
Bu gün bazarlarda hökmranlıq edən dəllalları sıxışdırıb sıradan çıxarmaq və bazarların qapısını bilavasitə məhsul istehsalçılarının üzünə açmaq məqsədi ilə 54-cü maddədə kənd təsərrüfatı kooperativlərinə, ailə və fərdi kəndli təsərrüfatlarına, digər kənd təsərrüfatı məhsulları istehsalçılarına mövcud şəhər bazarlarında, ayrılmış yerlərdə məhsulların satışını həyata keçirmək üçün bazarı idarə edənlər tərəfindən xüsusi avadanlıqlarla təchiz edilmiş ticarət yerlərinin verilməsi həvalə olunur.
Layihənin axırıncı – X fəsli qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həllinə dair normaları əks etdirir.
Vətəndaşların rifah səviyyəsinə görə dünya liderlərindən biri olan Almaniya Federativ Respublikasının kooperativ hərəkatının geniş yayıldığı qabaqcıl bir ölkə olduğunu nəzərə alaraq Almaniya parlamentinin və hökumətinin kənd təsərrüfatı kooperasiyası sahəsində qəbul etdiyi qanunlar, qərarlar, digər normativ hüquqi aktlar, federal və yerli orqanlar tərəfindən həyata keçirilən investisiya, vergi və maliyyə-kredit siyasəti ilə yerində tanış olmaq və qanunu ikinci oxunuşa hazırlayarkən daha da təkmilləşdirmək məqsədi ilə hörmətli Sədrimiz Oqtay müəllimin icazəsi ilə deputatlardan və ekspertlərdən ibarət işçi qrupu ilə may ayında Almaniya Federativ Respublikasına səfər etməyi planlaşdırırıq.
Hörmətli deputatlar, bunu da deməyi vacib hesab edirəm ki, bu layihə artıq xeyli müddət gündəmdə olduğu üçün yerlərdə güclü rezonans yaratmışdır. Kənd təsərrüfatı sahəsində çalışan alimlər, mütəxəssislər, yerli icra strukturları, ailə, kəndli və fermer təsərrüfatları bizim komitənin deputatları ilə görüşlərdə, danışıqlarda, müraciətlərində kooperativlərin yaradılmasının vacibliyini qeyd edirlər. Komitənin ünvanına Cəlilabad, Şəki, Quba, Lənkəran, Ağsu və digər rayonlardan belə məzmunda məktublar gəlir.
Bəzi rayonlarda isə qanunun qəbul edilməsini belə gözləmədən kooperativləri yaratmağa başlayıblar. Sabirabad rayonunun Çöl-Beşdəli kəndində 100-ə yaxın ailə özlərinin pay torpaqlarını birləşdirərək kənd təsərrüfatı istehsal kooperativi yaradıb dövlət qeydiyyatından keçiblər. Kooperativ 200 hektar pambıq və 150 hektar taxıl əkib xeyli gəlir götürmək və bunun hesabına gələn il əkin sahəsinin həcmini 700 hektara çatdırmaq istəyir. Onlardan nümunə götürən Axısxa kəndinin sakinləri birləşərək daha böyük, hələlik 500 hektar əkin sahəsi olan kooperativ yaratmışlar və artıq təsis yığıncağı keçirilib. Təsis sənədləri dövlət qeydiyyatına təqdim olunub ki, bu da ölkəmizin möhtərəm Prezidenti cənab İlham Əliyevin böyük təsərrüfatlar yaradılması barədə irəli sürdüyü ideyanın həyata keçirilməsinin bariz nümunəsidir.
Mən sizə qanun layihəsinin əsas məqamları ilə bərabər ölkəmizdə və dünyada bu sahədə gedən proseslər haqqında məlumat verdim. Layihə barədə sizin təklif və iradlarınıza işçi qrupunda diqqətlə baxılacaq, səmərəli təklifləriniz nəzərə alınacaqdır. Müzakirələrdə iştirakınıza və layihənin daha da təkmilləşdirilməsinə dair verəcəyiniz təkliflərə görə komitənin deputatları adından əvvəlcədən minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, hörmətli həmkarlarım əgər məsləhət bilsələr, bu qanun layihəsini “Azərbaycan” qəzetində dərc olunmaqla ümumxalq müzakirəsinə təqdim etmək məqsədəuyğun olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu qanun layihəsini biz dünən komitələrin iclasında da müzakirə etdik. Mən də hesab edirəm ki, bu qanun layihəsi çox vacib bir qanunun layihəsidir. Demək olar ki, torpaq islahatlarının davamı olaraq bu qanun bir katalizator kimi öz səmərəsini verə bilər. Ona görə mən bütün millət vəkillərindən xahiş edirəm ki, bu qanun layihəsinin müzakirəsində fəal iştirak etsinlər. Eldar müəllim dedi, biz belə qərara gəldik, dünyada bu iş üzrə ən böyük təcrübəsi olan Almaniyaya bizim ekspertləri, millət vəkillərini, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsini göndərək ki, bu qanun daha zəngin, mükəmməl olsun. Xahiş edirəm, müzakirələrə başlayaq. Buyursun Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ümumiyyətlə, kənd təsərrüfatı ilə əlaqədar qəbul edilən istənilən qanuna mən müsbət yanaşıram. Çünki dünyada baş verən proseslər, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və sair bu kimi məsələlər ən qlobal məsələlərdən sayılır. Ona görə Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə təqdim edilməsini mən müsbət qarşılayıram.
Bu qanun layihəsi komitənin iclasında müzakirə olunanda bir sıra nüanslar ortaya çıxdı. Bəzi fermerlər və insanlar elə başa düşdülər ki, bu qanunun qəbul edilməsi ilə sovxozlar və kolxozlar təzədən bərpa olunacaq. Hətta bu barədə müəyyən yazılar da getdi, təhlillər aparıldı. 1995-ci ildə sovxoz və kolxozların ləğvi ilə əlaqədar qəbul olunan qanunun da təhlili aparıldı. Mən belə hesab edirəm ki, bu qanun çox vacibdir və bunun üzərində işləmək lazımdır. Əvvəla, bu qanun layihəsinin konsepsiyasında müəyyən məsələlər var ki, bunun üzərində işləmək lazımdır. Çünki həmin münasibətlərin formalaşması həm şaquli, həm də üfüqi istiqamətdə nəzərdə tutulur. Bu modellər də dəyişilə bilər. Amma mən hesab edirəm ki, kooperativlər Kənd təsərrüfatının kooperasiyası haqqında qanun layihəsində göstərildiyi kimi, yalnız və yalnız könüllü şəkildə yaradıla bilər. Burada heç bir məcburiyyətdən, icbari qaydadan söhbət gedə bilməz, çünki bunlar bazar iqtisadiyyatına ziddir.
Eldar müəllim burada təklif etdi ki, biz bu qanun layihəsini müzakirəyə verək. Bəli, mən də istərdim ki, bu qanun layihəsini elə birinci oxunuşda qəbul etdikdən sonra ümumxalq müzakirəsinə verək. Yəni bu qanun layihəsinin geniş müzakirəyə ehtiyacı var. Burada mübahisə doğuran məsələlər də var. Həmin məsələlərlə bağlı biz ikinci oxunuşda fikirlərimizi deyəcəyik. Amma bilirsiniz, Azərbaycanda işlək əhalinin təxminən 42 faizi kənd təsərrüfatı ilə məşğuldur. Kənd təsərrüfatında bu gün yaranmış vəziyyətdən də xəbərimiz var. Yəni məhsuldarlığın aşağı səviyyədə olması, kənd təsərrüfatının bir sıra sahələrində yaranmış problemlər məhz belə bir qanunun ortaya çıxması zərurəti yaradır. Nəyə görə məhsuldarlıq aşağıdır? Ona görə ki, fermerlər arasında əlaqələr, münasibətlər yoxdur. Yəni bahalı texnikalar işlədilir. Həmin texnikaların ödənilməsi üçün külli miqdarda vəsait sərf olunur. Ona görə də məhsuldarlıq aşağı düşür. Bu gün Azərbaycanda belə kooperativlərin yaranması çox vacibdir. Yaxşı ki, belə bir təklif verildi: bu təcrübə Almaniyada öyrənilsin və sonra Azərbaycanda tətbiq olunsun. Mən Almaniyada 3 il oxumuşam. Kooperativlərlə əlaqədar oradakı vəziyyəti bilirəm. Bu təklif tamamilə düzgündür. Almaniyanın kooperativlərlə əlaqədar təcrübəsini Azərbaycanda tətbiq etmək olar.
Qanun layihəsində qeyd edildiyi kimi, kooperativlər könüllülük prinsipi əsasında yaradılır. İstehsal və istehlak kooperativləri, o cümlədən qarışıq kooperativlər olur. İndi baxmaq lazımdır, istehsal, istehlak kooperativlərindən sonra qarışıq kooperativlərin yaradılmasına, ümumiyyətlə, ehtiyac var, ya yoxdur? Kooperativ işçilərinin sayı ilə əlaqədar müəyyən problemlər yaşanar. Qanun layihəsində 60 faiz göstərilib və sair. Yenə deyirəm, biz bunu ikinci oxunuşda deyəcəyik. Amma mən istərdim ki, bu qanunun qəbul edilməsi Azərbaycanın yalnız və yalnız kənd təsərrüfatının inkişafına təsir göstərsin. Digər maliyyə qurumlarının yaradılması məsələsi, ümumiyyətlə, bu qanunda öz əksini tapmasın.
Qanun layihəsində aqrar kredit, sığorta kooperativlərinin yaradılması nəzərdə tutulur. Mən nəyə görə bunu deyirəm? Kreditlərlə, kredit ittifaqlarının yaradılması, sığorta ilə əlaqədar qanunlarımız var. Yəni bu məsələlər başqa qanunlarla tənzimlənir. Həmin qanunlara uyğun olaraq istənilən sığorta, kredit kooperativi də yaratmaq olar. Burada heç bir məhdudiyyət yoxdur.
Mən çox danışmaq istəmirəm. Qanun çox vacibdir, amma qanunu insanlara anlatmaq lazımdır. Xüsusilə fermer təsərrüfatları ilə məşğul olan insanlar anlamalıdırlar, bilməlidirlər ki, bu qanun heç bir sovxozun, kolxozun təzədən bərpası ilə əlaqədar deyil. Bu qanun yalnız və yalnız Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, fermerlərin bir-birləri ilə sıx əlaqə qurmaq, onların ittifaqlarını yaratmaq, məhsuldarlığı daha da yüksəltmək, texnikadan birgə istifadə etmək, birgə təcrübə toplamaq üçün çox əhəmiyyətli bir qanun olacaqdır. Mən hesab edirəm ki, Oqtay müəllim, bu qanun layihəsi ümumxalq müzakirəsinə verilməlidir və ancaq bundan sonra qanun layihəsini ikinci oxunuşa çıxarmaq mümkündür. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlıya mikrofon verin.
X.Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli deputat həmkarlar, Eldar müəllim bu qanun layihəsi barədə çox geniş məlumat verdi. Beynəlxalq təcrübədə, Avropanın inkişaf etmiş ölkələrinin aqrar sənaye sistemində kooperasiyaların olması hamımıza bəllidir. Eldar müəllim geniş məlumat verdi. Cənab Sədr, bu qanunun zəruriliyi barədə gözəl söylənildi. Elimizin, obamızın, istehsalçıların, istehlakçıların, tədarükçülərin, xidmət sferasında çalışanların hamısının marağı nəzərə alınmalıdır. Qanun layihəsini oxuduqca hiss edirsən ki, bu qanun aqrar sistemdə istehsal, istehlak, tədarük, xidmət sahələrinin üzvi surətdə əlaqələndirilməsi və fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcəkdir.
Ölkəmizdə bazar münasibətlərinə keçidlə, özəlləşdirmə ilə əlaqədar torpaq və mexanizmlər özəlləşdirildi. Məsələn, mexanizator bir traktoru özəlləşdirdikdən sonra qohum-əqrəbası ilə kiçik bir torpaq sahəsində, 5-10 hektar sahədə çalışır. Əlbəttə, indi kiçik qabaritli texnika istehsal edilir. Bizim fermerlərin, sahibkarların ayrı-ayrı ölkələrə səfərləri bir daha sübut edir ki, fermer təkcə, ayrılıqda bu və ya digər fəaliyyətə cəhd göstərsə də, onun fəaliyyətinin səmərəsi qat-qat aşağı olur. Dünya təcrübəsi də var. Eldar müəllim bu barədə müəyyən fikir söylədi. Ayrı-ayrı ölkələrdə kooperasiyalar, fermerlər birliyi istehsal sistemi kimi təşkil olunub.
Mən güman edirəm ki, Azərbaycanda belə bir qanunun qəbul edilməsi, yəni bu fəaliyyətin hüquqi bazasının yaradılması olduqca zəruridir. Mən sizə də təşəkkür edirəm ki, belə bir qanun layihəsini geniş müzakirəyə çıxarmısınız, məsələyə böyük diqqət göstərmisiniz. Burada fikir söylənildi ki, qanun layihəsinin ictimaiyyət tərəfindən geniş müzakirəsinə şərait yaratmaq lazımdır. Hörmətli Eldar müəllim də, Vahid müəllim də çıxışında bunu dedi. Bu çox gözəl bir ənənədir, nəinki bu qanun layihəsinin, bütün qanunların ictimaiyyətin müzakirəsinə verilməsinə cəhd göstərilir. Amma yaxşı olardı, cəhd ilə yanaşı, həm də böyük qayğı və diqqət göstərilsin ki, rayonlarda, bölgələrdə, regionlarda insanlar bu qanunun qəbul edilməsinin mahiyyətini və zəruriliyini tam qəbul, dərk etsinlər.
Nədir məsələ? Qabaqcıl bir fermer təsərrüfatı istədiyi mineral gübrələri də, texnikanı da əldə edə bilər. Bu və ya digər işçi qüvvəsi də vardır. Amma həmin təsərrüfat bu və ya digər istehsal istiqamətində, yəni taxılçılıq, heyvandarlıq, üzümçülük üzrə ixtisaslaşdırıla bilər. Amma ayrı-ayrı istiqamətlərdə çalışan bir neçə fermer öz fəaliyyətlərini birləşdirər, mərkəzləşdirərlərsə, bu onların hər birinin malik olduğu əmək ehtiyatlarından, texnikadan, mineral və üzvi gübrələrdən, eləcə də xidmət sferasında lazım olan ayrı-ayrı daşınmaz əmlakdan, binalardan, anbarlardan səmərəli istifadə olunmasına şərait yaradar. Mən vaxtınızı çox almaq istəmirəm. Hesab edirəm ki, belə bir qanunun konseptual baxımdan qəbul edilməsi günün ən zəruri məsələlərindən biridir. Mən güman edirəm ki, hörmətli deputatlarımız da bu qanun layihəsinin konseptual baxımdan birinci oxunuşda qəbul olunmasına səs verəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsinin müzakirəyə çıxarılması eyni zamanda həm də aqrar sahədə islahatların yeni mərhələsinin başlamasına start verə bilər. Ona görə ki, bu tamamilə fərqli bir modeldir. Fərdi təsərrüfatlarla yanaşı, kollektiv təsərrüfatların da sayının artırılmasına yönəlmişdir. Mən çıxışımda bilavasitə 3 suala cavab verməyə çalışacağam. Bu gün Azərbaycanda kooperativlərin yaradılmasına ehtiyac varmı? İkinci, bu kooperasiyaların yaradılması kənd təsərrüfatına nə verəcək? Üçüncü isə bu qanun layihəsini təkmilləşdirən zaman hansı məqamlara daha çox diqqət yetirmək lazımdır?
Əgər nəzərə alsaq ki, bu gün Azərbaycanda adambaşına gündə bir manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur, deməli, Azərbaycanda məhsul istehsalını artırmaq, maya dəyərini aşağı salmaq, istehlak xərclərini azaltmaq, kənddə bilavasitə orta təbəqənin dairəsini genişləndirməkdən ötrü yeniləşməyə ehtiyac var. Beynəlxalq təcrübədən çıxış edərək demək olar ki, bu yeniləşmənin də ən optimal üsullarından biri kooperasiyaların rolunu artırmaqdır.
İkinci, kənd təsərrüfatına bu kooperasiyalar nə verəcək? Beynəlxalq təcrübədən çıxış edərək göstərmək olar ki, kənd təsərrüfatında bu kooperasiyalar resursların səfərbər olunmasına, az xərclə daha çox məhsul istehsal edilməsinə, əmək məhsuldarlığının artırılmasına və gəlirlərin yüksəldilməsinə gətirib çıxara bilər.
Üçüncü suala gəldikdə isə bir balaca geniş ekskursiya etmək istərdim. Bu qanun layihəsini təkmilləşdirən zaman biz hansı təcrübədən daha çox istifadə eləməliyik? Burada çıxış edən hörmətli Eldar müəllim də, Vahid müəllim də bu məsələyə toxundular. Bunun konkret 3 istiqamətini göstərmək istərdim. Hesab edərdim ki, əlaqədar təşkilatlar bu məsələyə diqqət etməlidir.
Birinci, Azərbaycanda 179 kooperasiya var. Məntiqi nəticə ortaya çıxır ki, deməli, ilk növbədə Azərbaycan təcrübəsindən istifadə etmək lazımdır. Bunu da qeyd edirəm ki, müsbət təcrübə də, mənfi təcrübə də, müsbət effekt də, mənfi effekt də – hər ikisi faydalıdır. Müsbət effekt bəzi kooperativlərdə özünü göstərir. Hesab edirəm ki, hansı kooperativlər yaxşı işləyirsə, onların müsbət təcrübəsindən istifadə etmək lazımdır. Amma Azərbaycanda işləyən kooperativlərin təcrübəsində mənfi məqamlar da var. Daha yüksək səviyyədə kooperativlər qurmaq üçün həmin mənfi məqamlardan da istifadə etmək lazımdır. Məsələn, götürək məhsuldarlıq səviyyəsini. Niyə bəs yalnız 179 kooperativ yaradılıb? Azərbaycanın rəsmi statistikası göstərir ki, əsas kənd təsərrüfatı məhsullarının istehsalında, məsələn, taxıl məhsulları istehsalında fərdi təsərrüfatda əmək məhsuldarlığı kooperativlərdən təxminən 20 faiz yüksəkdir. Kartof istehsalında 15 faiz, günəbaxanda 2 dəfədən çox yüksəkdir. Belə bir sual ortaya çıxır: həmin kooperativləri Azərbaycanda təkrar yaratmağa ehtiyac varmı? Yox.
Eldar müəllim haqlı olaraq may ayında Almaniyaya getməyi planlaşdırır. Almaniyanın təcrübəsi, sözün həqiqi mənasında, bütün dünyaya yayılıb. Çox gözəl fayda verən Rayffayzen modelinin Azərbaycanda tətbiqini mən məqsədəuyğun hesab edirəm. Bunu mən havadan demirəm. Rusiyada da, Qazaxıstanda da kooperativlər yaradıblar və orada da xeyli dərəcədə mənfi effektlər olub və onlar da məhz Almaniya modelinə üstünlük verməyə başlayıblar. Bəs MDB məkanında hansı mənfi nəticələr oldu? Birinci nəticə oldu ki, insanlar kooperativlərə inanmadılar, çünki kolxozdan qorxublar. İkinci, insanlara lazımi səviyyədə izah edilmədiyinə görə kooperativin üstünlükləri barədə onlarda təsəvvür olmadı. Üçüncü, ən dəhşətlisi bu oldu ki, yalançı, psevdokooperativlər yaradıldı. Bir iri təsərrüfat kredit almaq, torpaqları birləşdirib daha çox girov qoymaq üçün xırda təsərrüfatları öz ətrafına yığıb fəaliyyətini genişləndirmək və onları isə xırda bir səviyyədə saxlamaq üçün istifadə etdi. Bu isə kənddə orta təbəqənin formalaşması prosesini tormozlandırdı, kooperativ hərəkatına mənfi təsir göstərdi.
Deməli, qanun layihəsi təkmilləşdirilən, eyni zamanda, işlək mexanizmi yaradılan zaman sadaladığım həmin mənfi təcrübədən də öz xeyrimizə nəticə çıxarmaqla istifadə etməliyik. Amma Almaniya modelinin maraqlı cəhətlərindən biri budur ki, kooperativlərin nəzdində ipoteka bankları da, bir sıra başqa strukturlar da var. Bunlar kooperativi istehsal vasitələri ilə təmin etmək üçün lazımdır. Kooperativlərin maliyyə təminatını yüksək səviyyədə təmin etmək üçün... Azərbaycanda, səhv etmirəmsə, “Aqrar kredit” adlı bir struktur var. Onun bazasından, təcrübəsindən, kadrlarından istifadə edərək çox güclü bir aqrar bankın yaradılmasına ehtiyac var. Həmin bank aşağı faizli kreditlər versin, kooperativlərin maliyyə təminatını həll etməkdən ötrü bilavasitə bu bankın xidmətindən istifadə olunsun.
Kooperativlər hansı prinsipləri əsas götürəndə daha güclü inkişaf edirlər? Almaniya, Finlandiya, Fransa, İngiltərənin təcrübəsindən çıxış edərək bunları göstərmək olar: qarşılıqlı yardım prinsipi, real müstəqillik prinsipi. Yəni heç kim bunun üzərində durub əmr etməməlidir. Bir də yüksək məhsuldarlıq və gəlirin əldə edilməsi, qoyulan paya müvafiq surətdə də gəlirin bölünməsi, yəni ədalətlilik prinsipi üzərində qurulan kooperativlər daha yüksək səviyyədə inkişaf edir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycanda belə kooperativlərin yaradılması ilə kənd təsərrüfatı istehsalını kifayət qədər, nəzərə çarpacaq dərəcədə artırmaq olar.
Azərbaycanda 1,1 milyon hektarda taxıl əkilir. Bununla nəinki Azərbaycanı, hesab edirəm ki, ondan 3 dəfə çox əhalisi olan bir ölkəni təmin etmək mümkündür. Bundan ötrü kooperativlər vasitəsilə ekstensiv inkişafdan intensiv inkişafa getmək, kapital qoyuluşlarını artırmaq lazımdır. Bu gün kənd təsərrüfatına Azərbaycan iqtisadiyyatına qoyulan kapitalın cəmi 3,5-4 faizi qoyulur. Deməli, məhsuldarlıq bitkiçilikdə 25–26 faiz yox, təxminən 40–45 faiz olmalıdır. Başqa sahələrdə də 10–15 faiz yox, bundan iki-üç dəfə yüksək olmalıdır. Əmək məhsuldarlığını artırmaqla yanaşı, lüzumsuz xərclərin də aradan qaldırılması istiqamətində görülən işlər kooperativin rolunu artıra bilər.
Son dövrlərdə mətbuatda bu məsələnin ətrafında gedən diskussiyalarla bağlı qeyd etmək istəyirəm ki, burada müəyyən dərəcədə zahirən kolxoz da, sovxoz da, sovet dövründə olan kooperativlər də, “Azərittifaq” da görünür. Eldar müəllim bunları sadaladı. Amma qanun layihəsini dərindən oxuyanda burada beynəlxalq təcrübədə olan kooperativin modelinin qoyulduğu görünür. Bu nə kolxoz, nə sovxoz, nə də Azərittifaqdır. Burada kooperativlərin 3 növü verilib. Almaniyada olan modeldir. İstehsal kooperativləri, istehlak kooperativləri və qarışıq kooperativlər. Çox misallar çəkə bilərəm ki, bu, qabaqcıl, inkişaf etmiş ölkələrdəki modeldir. Amma bu modeli yaxşı tətbiq etmək üçün çalışmaq lazımdır ki, kolxoz, sovxoz təfəkkürlü adamlar yenidən kolxoz, sovxoz yaratmasınlar.
Həqiqətən də, normal kooperativ yaratmaq üçün, mən hesab edirəm, düzgün yol seçilmişdir. May ayında Eldar müəllim və digər mütəxəssislər Almaniyaya getsinlər, həqiqi kooperativi orada görsünlər. “Azərbaycan” qəzetində və digər qəzetlərdə də bu layihə çap olunsun. Azərbaycanda işləyənlərin 38 faizinin, 1,6 milyon adamın taleyini müəyyən etdiyinə görə həmin adamlar kooperativlərlə bağlı sözlərini deməlidirlər. Mütəxəssislər də öz fikirlərini bildirməklə, hesab edirəm ki, bu qanun layihəsini xeyli dərəcədə təkmilləşdirmək, beynəlxalq standartlar səviyyəsinə gətirmək olar. Almaniya modelini burada tətbiq etməklə bir neçə rayonda qabaqcıl, nümunəvi təsərrüfatlar yaransa, Azərbaycan mentalitetinə uyğun olaraq digərləri bunlardan da qəşənglərini yaradacaqlar. Ona görə də bu qanunun qəbul edilməsinə tərəfdaram. Qanun layihəsini təkmilləşdirmək istiqamətində işləməliyik.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Yevda Abramov.
Y.Abramov. Təşəkkür edirəm, Bahar xanım. Mən həm bu qanun layihəsi ətrafında öz fikirlərimi demək, həm də cari məsələlərdən danışmaq istəyirəm.
Mənə iki il yarımdan çox müddətdir ki, bir məsələ vicdan əzabı verir. Bu gün də parlamentdə bunun açıqlamasını vermək istəyirəm. Eldar müəllim həmişə olduğu kimi, bu gün də çox gözəl təqdimetmə nümayiş etdirdi. Hər dəfə olduğu kimi, bu komitənin sədri müvafiq qanunları çox asan tərzdə deputatlara təqdim edir. Hamı tərəfindən təqdir olunur, başa düşülür. Mən qanunun fəlsəfəsi haqqında çox geniş danışmaq istəmirəm, yəni iqtisadçı deyiləm. Amma hər bir millət vəkilinin ixtisası olmasa da, müzakirə edilən qanun layihələrinə şəxsi, fərdi münasibəti olmalıdır. Qanunu bir az gecikmiş qanun da hesab etmək olar.
Bayaq Oqtay müəllim çox gözəl dedi ki, Azərbaycanda torpaq islahatı tam həyata keçirilməyib, qanunlarda bəzi boşluqlar var. Bu qanun boşluqları dolduracaq və tam olaraq torpaq dövlətə, xalqa xeyir verəcək. Bir sıra ölkələr artıq belə bir qanunu çoxdan qəbul ediblər. Öz ölkələrinin ərzaq təminatını, bazarlarını kənd təsərrüfatı malları ilə bu yolla təchiz edirlər. Məndə olan rəqəmlərə görə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı ilə məşğul olan əhalinin 18 faizi fermer təsərrüfatlarında və kooperativlərdə cəmləşib. Amma böyük Amerika dövlətini kənd təsərrüfatı malları ilə artıqlaması ilə təmin edirlər. Azərbaycanda əhalinin 42 faizi bu sahədə məşğul olur, amma hələ də biz bir sıra kənd təsərrüfatı mallarını xaricdən idxal edirik.
Düzdür, burada bir sıra ölkələrin model qanunları təqdir olunur. Eldar müəllimə yaxşı yol diləyirik, o, Almaniyaya gedir. Bir neçə xarici ölkələrdə biz də olmuşuq, Bahar xanım. Mən təklif edərdim ki, Eldar müəllim və ya bu komitə üzvləri, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə mütəxəssislər İsrail dövlətinə getsinlər, Bahar xanım. Elə başa düşməyin ki, mən yəhudiyəm, ona görə deyirəm, amma mən Azərbaycan vətəndaşıyam. Mən bu ölkənin istehsal kooperativlərini gözümlə görmüşəm. Bu bir möcüzədir. Amma almanlar da bir sıra sahələri orada öyrənirlər.
Mən hələ görməmişəm ki, bir inək turistlərin gözləri qarşısında 60 litrlik bidonu südlə doldursun. Mən görməmişəm ki, ölkədə inəyin ad günü keçirilsin, yaxud süd sağılan vaxt inək üçün musiqi səslənsin. Bunu qazların yetişdirildiyi yerdə görmüşəm. Özü də həmin qazların ciyərini elə qiymətə satırlar ki, qazın yetişdirilməsinə sərf edilən pulu çıxarır, əti isə ucuz qiymətə xalqa satılır, bağçalara, qapalı təsərrüfatlara verilir. Yəni burada çox möcüzəli məsələlər var.
Almaniya təcrübəsi də pis deyil, hər halda bu ölkənin təcrübəsini də öyrənmək, bunu Azərbaycanın şəraitinə uyğunlaşdırmaqla istifadə etmək olar. Bizdən bir şey aparmır. Mən orada bizim nazirliyin bir sıra əməkdaşlarını heyvandarlıq sahəsi ilə bağlı görmüşəm, tanış olmuşam. Onların özləri heyran qalıblar. Bu ölkədə içməli su yoxdur, amma ölkə yaşıllıq içərisindədir. Bu ölkədə suvarma suyunun bir qramı nahaq yerə israf olunmur. Bunu öyrənmək lazımdır. Əgər bunları öyrənsək, biz, doğrudan da, sanballı, Azərbaycan xalqına xidmət edən, uzun illər fəaliyyətdə olan qanun qəbul edərik, daha 6 ay sonra qanunda dəyişiklik etmərik. Hələlik qanun layihəsinin birinci oxunuşudur. İkinci, üçüncü oxunuşa xeyli vaxt var.
Əli bəylə də, Eldar müəllimlə də razıyam ki, qanun layihəsi ümümxalq müzakirəsinə verilsin. Həm də mən təklif edirəm ki, bu müzakirələrdən sonra Azərbaycanın 8 iqtisadi rayonu üzrə qonşu rayonlarla bir yerdə fermer təsərrüfatı rəhbərləri ilə, kooperativləri yaradan insanlarla geniş müzakirə edilsin. Mən qanunun konseptual baxımdan qəbul edilməsinə tərəfdaram.
İndi icazənizlə, Bahar xanım, iki və ya bir dəqiqə ərzində ürəyimdə saxladığım məsələni demək istəyirəm. Bəlkə deputat həmkarlarım inciyərlər, amma mən bilirəm, məndən inciməzlər. Mənsub olduğum etnosun genetik daşıyıcıları olan Azərbaycanda, Almaniyada və İsraildə yaşayan bir sıra insanlar 3 gündür mənə zəng edirlər. Onlar Azərbaycandakı daxili durumdan, Bahar xanım, çox böyük nigaranlıq hissi keçirirlər. Mən onlara dedim ki, parlamentdə mən bu məsələni xalqa çatdıracağam. Onlar kiminsə burada icazəsiz mitinq keçirməsindən narahat deyildirlər. Onlar belə şeylərə alışıblar. Narahatlıq ondan doğur ki, bizim ölkədə akkreditə olunmuş və digər ölkələrdə öz qanunları çərçivəsində fəaliyyət göstərən insanlar medianın, televiziya, radio və ya mətbuat orqanlarının iştirakı olmadan qapalı iclas keçirmişlər. Bundan narahatlıq keçirirlər.
Əlbəttə, mən özüm də narahatam. Əgər mən bilsəydim ki, bu insanlar orada BMT-nin 4 qətnaməsini müzakirə edirlər, mən onların alnından öpərdim. Amma mən bilirəm ki, belə məsələlər orada müzakirə edilməyib. Mənim deyəcəyim sözlərin bir çoxunu Siyavuş müəllim dedi, mən təkrar etmək istəmirəm. Mən iki il yarım bundan qabaq həmkarım Vahid müəllimlə Quba rayonunda İsrail dövlətinin yardımı ilə böyük bir tədbir keçirdik. Şahid burada oturub. Tədbir çox əla alındı, 22 səfirliyin nümayəndəsi tədbirdə iştirak edirdi. Burada yəhudilərin yaşaması, həyat tərzi, məktəblərdə ingilis dilinin öyrənilməsi, balaca bir qəsəbənin gözəl qəzet buraxması – bütün bunların hamısını Azərbaycanda demokratiyanın inkişafını təsdiq edən bir əlamət kimi qəbul etdilər.
Sonradan Vahid müəllim mənə dedi ki, gəl, onları buradakı məzarlığa aparaq. Məsələnin ciddiliyi bundadır, mən xahiş edirəm, deputatlar buna fikir versinlər. İqbal müəllim zaldadırsa, İqbal müəllim də buna fikir versin. Mən bu insanlara dedim ki, gəlib burada istirahət etmişik, indi Bakıya qayıdırıq, yarım kilometr məsafədə belə bir məzarlıq aşkar olunub, 1918-ci ildə başımıza oyun açıblar. Buradakı səfirlərin hamısı bir ağızdan imtina etdilər. Mən dedim, nə olub bəyəm, əcaib bir təklifdir? Onlar mənə dedilər ki, cənab Abramov, bilirsiniz, biz haraya gediriksə, öz ölkələrimizin xarici işlər nazirliklərindən icazə alırıq. Mən də onda dedim ki, bəs siz demokratiyadan dəm vurursunuz, bizi qınayırsınız, amma sizin ölkələrin rəhbərləri hər dəfə Ermənistana səfər edəndə aprel ayının 24-ü, qondarma soyqırımı ilə bağlı abidənin üstünə təntənə ilə əklil qoyurlar. Onda heç siz öz xarici işlər nazirliyinizdən qorxmursunuz. Bizi narahat edən məsələ budur.
Niyə bu insanların hamısı bir dəfə Yeni Azərbaycan Partiyasının iqamətgahına təşrif buyurmurlar? Bu partiyanın yarım milyondan çox üzvü var. Azərbaycan cəmiyyətinin ən gözəl insanları, elitası buradadır. Niyə bizimlə görüşmürlər? Əgər onların pis niyyəti yoxdursa, niyə qabaqcadan mitinq keçirən insanların hərəkət marşrutlarını bilirlər? Niyə onlar hələ proses başlamamış yarım saatdan qabaq öz yerlərini tutublar? İnsanlar bundan həyəcan, təlaş keçirirlər. Mən bunu demək istəyirdim, ancaq siyahıya düşə bilmədim. Mən təşəkkür edirəm. Mənə müraciət edən insanlara söz vermişdim ki, parlamentdə bu barədə çıxış edəcəyəm. Onların nigarançılığını başa düşmək lazımdır. Mən yenə deyirəm. Biz sabitliyin tərəfdarıyıq və qoy səfirliklər də öz ölkələrində qəbul etdikləri diplomatik fəaliyyət haqqında qanunlara, beynəlxalq hüquq normalarına riayət etsinlər, bizim daxili işlərimizə müdaxilə etməsinlər. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Əlbəttə, mən cənab Abramovun fikirlərini tamamilə bölüşürəm, onu alqışlayıram, ona çox böyük təşəkkürlərimi bildirirəm ki, Azərbaycanın vətəndaşı olaraq Azərbaycanda xaos yaratmaq üçün ayrı-ayrı ölkələr tərəfindən hazırlanmaqda olan layihələrə qarşı vətəndaşlıq mövqeyini ortaya qoyur. Buna görə ona təşəkkürümü bildirirəm, onunla tamamilə razıyam.
Hörmətli cənab Sədr, mən Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsinin hazırlanmasını və Milli Məclisin müzakirəsinə çıxarılmasını çox böyük bir hadisə kimi qiymətləndirirəm. Əlbəttə, bunun üçün kifayət qədər dəlillər var. Ölkə Prezidenti dəfələrlə birmənalı şəkildə bəyan edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət verilməlidir. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna transfert edilməsi ilə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması tendensiyasının yaradılması və bunun davam etdirilməsinə artıq biz bu gün həyatımızın, günümüzün reallığı kimi yanaşmaqdayıq.
Bu baxımdan Azərbaycanın kənd təsərrüfatı, heç şübhəsiz ki, qeyri-neft sektoru sahəsində ən mühüm yerlərdən birini tutur. Bir daha təkrar edirəm, təsadüfi deyil ki, son dövrlər ölkə Prezidenti kənd təsərrüfatının inkişafı ilə bağlı ən müxtəlif təkliflər və proqramlarla çıxış etməkdə və ciddi xarakter daşıyan fərmanlara qol çəkməkdədir. Hazırda müzakirə etdiyimiz qanun layihəsi ölkə Prezidentinin bu sahədə həyata keçirmiş olduğu siyasətin məntiqinə söykənir. Bunu qanunvericilik baxımdan həm bu sahənin dəstəklənməsinə, həm də həmin ideyaların və fikirlərin həyata keçirilməsinə yönəlmiş bir təşəbbüs kimi qiymətləndirmək lazımdır.
Digər tərəfdən, əlbəttə, qanunun adı ilə bağlı demək istərdim ki, çox uğurlu bir ad seçilib. Əgər bu qanun layihəsi “Kənd təsərrüfatı kooperativi” adlandırılsaydı, müxtəlif insanlarda nostalji hisslər baş qaldıra və kooperativləri, kolxozları, sovxozları göz önünə gətirərək, bu qanuna qeyri-adekvat, mən deyərdim ki, sağlam olmayan münasibət ifadə edə bilərdilər. Lakin “Kənd təsərrüfatı kooperasiyası haqqında Qanun” adlandırılması olduqca doğru və düzgündür, çünki kooperasiya sistemdir. Yəqin ki, iqtisadçılar, tarixçilər, siyasətçilər də mənimlə razılaşarlar ki, kooperasiya bütün istehsal sahələrinə, sənaye, maşınqayırma sahəsinə də, hətta maliyyə sisteminə də tətbiq olunan bir sistemdir. Bu sistem fiziki və hüquqi şəxslərin həm əmlaklarını, həm maliyyə vəsaitlərini, həm də onların təşkilatçılıq qabiliyyətlərini, intellektlərini özündə cəmləşdirir və ciddi uğurlar qazanır və dövlətin strateji məqsədlərinin həyata keçirilməsinə öz töhfəsini verir.
Çox təəssüf edirəm ki, kooperasiya bizdə bir az xoşagəlməz düşüncələr yaradır. Əlbəttə, bunun səbəbi Azərbaycan xalqının vaxtilə daxil olduğu SSRİ-də Stalinin kooperativləşmə ilə bağlı milyonlarla insana gətirmiş olduğu fəlakətlərin doğurduğu ağır nəticələrlə birbaşa bağlıdır. Lakin təqdim olunan qanun layihəsinin, əlbəttə, nə kolxozla, nə sovxozla, nə də Stalin kooperativləri ilə əlaqəsi var. Bu baxımdan təqdim edilmiş qanun layihəsinin bütün müddəaları, onun fəlsəfəsi, konsepsiyası birmənalı olaraq yeni düşüncə tərzini ortaya qoyur. Kənd təsərrüfatını inkişaf etdirmək üçün yeni bir sistemi gündəmə gətirir.
Hörmətli həmkarım Eldar müəllimə çox böyük təşəkkürümü bildirirəm ki, belə bir ciddi qanun layihəsini hazırlayıb müzakirəmizə təqdim edibdir. Mən qanun layihəsi ilə tanış olmuşam. Mən aqrarçı deyiləm. Məndən öncə çıxış edən iqtisadçı Vahid müəllimin də, Əli müəllimin də, ola bilsin, məsələyə peşəkar kimi yanaşmaq imkanları yoxdur. Lakin mənim məsələyə yanaşmam ondan ibarətdir ki, qanun layihəsi kifayət qədər peşəkar, dünya təcrübəsi nəzərə alınmaqla yaxşı işlənib hazırlanıb. Birinci oxunuşun bütün tələblərinə tam cavab verir, konseptual baxımdan həmin qanun layihəsini qəbul etmək mümkündür.
Sadəcə olaraq, mənim Eldar müəllimə bir sualım var. İstərdim ki, bu məsələni özüm üçün aydınlaşdırım. 6-cı maddənin üçüncü bəndində deyilir: “Kənd təsərrüfatı istehsal kooperativləri kommersiya təşkilatı hesab olunur, istehlak və qarışıq kənd təsərrüfatı...”. Xüsusi olaraq istehlak və qarışıq kənd təsərrüfatı kooperativləri nədən qeyri-kommersiya təşkilatı hesab edilir? Bu mənim üçün aydınlaşdırılmağa ehtiyacı olan bir sualdır.
Mənə elə gəlir ki, biz bu qanun layihəsini birinci oxunuşda qəbul etdikdən sonra, Eldar müəllimin söylədiyi kimi, ümumxalq müzakirəsinə verməklə kənd təsərrüfatının inkişafı üçün ciddi imkanlar açmış olarıq. Bu məsələnin müzakirəsini açmaq kifayət deyil, mümkün olsa, Azərbaycan teleməkanında dəyirmi masalar keçirmək lazımdır. Telekanallar vasitəsilə də insanların söyləmiş olduqları fikirlərin diqqətə alınması, öyrənilməsi qanun layihəsinin müzakirəsi prosesində özünəməxsus və ciddi rol oynaya bilər. Bir sözlə, mən qanun layihəsinin birinci oxunuşda qəbuluna tərəfdaram, ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan hökuməti ölkə sənayesinin inkişafı ilə yanaşı qeyri-neft sektorunun, xüsusən də kənd təsərrüfatının inkişafına hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Bu sahəyə güzəştli kreditlərin verilməsi, aqrolizinq sisteminin yaradılması, fermerlərə əkin üçün dövlət tərəfindən toxumun verilməsi və sair tədbirlərin həyata keçirilməsi həmin diqqətin əyani sübutudur. Ölkə rəhbərliyi ən yüksək səviyyədə bəyan etmişdir ki, kənd təsərrüfatını inkişaf etdirmək, bununla da idxaldan asılılığı aradan qaldırmaq, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək hökumətin qarşıya qoyduğu ən mühüm məsələlərdən biridir. Bütün bunları nəzərə alsaq, birinci oxunuşa təqdim edilən Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanun layihəsinin əhəmiyyətini dərk etmək elə də çətin deyil.
Burada fikir səsləndi ki, bu qanun bir az gecikib. Mənə elə gəlir ki, bu qanun layihəsi tam yerində və çox aktual bir məqamda bizə təqdim olunub. Belə bir qanunun qəbulunun labüdlüyü ondan irəli gəlir ki, 1996–1998-ci illərin torpaq islahatlarından xeyli vaxt keçir və kəndli–torpaq münasibətləri hazırda tam dürüstləşir. Belə ki, torpaq bölgüsündə pay alanların, demək olar ki, 3 qrupu formalaşıb. Birinci qrup fərdi təsərrüfatla məşğul olur. Öz torpağında işləyir, pərakəndə satışı həyata keçirir və nəticədə öz ailəsini birtəhər dolandırır. Onlar torpağa həddən artıq bağlı insanlardırlar, işləmək istəyirlər, bunu da bacarırlar. Amma böyük gəlir əldə edə bilməyərək gündəlik tələbatı ödəməklə kifayətlənirlər.
İkinci qrup insanlar daha böyük gəlir əldə etmək üçün orta və iri fermer təsərrüfatları yaradıblar və bunların sayı da kifayət qədərdir. Bunlara dövlət tərəfindən müxtəlif yardımlar edilir, kreditlər, texnika, toxum və sair verilir. Lakin kənd əhalisinin böyük bir hissəsini, mən deyərdim ki, əksəriyyətini təşkil edən üçüncü qrup da var. Bax, həmin insanlar pay torpaqları alsalar da, keçən 10–15 il ərzində bundan istifadə etməmişlər. Onların həm maddi vəziyyəti, həm də səviyyəsi deməyə əsas verir ki, bu insanlarda torpağa qayıdış hələ baş tutmayıb.
Masallıda münbit torpağımız onsuz da azdır. Əhaliyə verilən torpaqların yarısı, demək olar ki, 12 min hektardan əkin üçün istifadə olunursa, qalan hissədən ən yaxşı halda örüş kimi istifadə edilir. Əksər hissələr isə kol-kos basmış şəkildə istifadəsiz qalıb, hətta bu torpaqlarda qanunsuz olaraq şəxsi evlər tikilməkdədir. Seçildiyim dairədən vətəndaşlar işlə bağlı mənə müraciət etdikdə torpaqda işləməyin zəruriliyini onlara hər dəfə bildirirəm. Amma kəndlilər bir çox hallarda ya bunun üçün vəsaitlərinin yoxluğundan, ya da qonşu dövlətlərdən gətirilən məhsulların aşağı qiymətindən, yerli məhsulların istehsalının səmərəsiz olmasından şikayətlənirlər.
Yeri gəlmişkən, daxili bazarı qorumaq üçün dövlət xaricdən gətirilən kənd təsərrüfatı məhsullarının rüsumunun həcminə mütləq yenidən baxmalı və bunu qaldırmalıdır. Amma bir şərtlə ki, eyni növ yerli məhsul da daxili tələbatı ödəyəcək həcmdə istehsal olunsun. Ona görə də hesab edirəm ki, kənd təsərrüfatı məhsulu istehsalçılarının bütün güc və vəsaitlərinin könüllülük prinsipləri əsasında kooperativlərdə birləşdirilməsi kənd təsərrüfatı məhsullarının istehsalının artımına stimul verəcək. Kəndliləri bu məhsulların istehsalına həvəsləndirmək mümkün olacaqdır. Bununla da əhalinin torpağa, deyərdim ki, ikinci qayıdışı məsələsini həll edə biləcəyik.
Xüsusilə qeyd etmək lazımdır ki, bu qanun kənddə köhnə üsul-idarəyə qayıdış demək deyil. Bunu burada deyiblər. Əksinə, təzə şəraitdə, formada kəndlini daha çox torpağa bağlamalı, torpaqdan daha səmərəli istifadəni təmin etməlidir. Qanun layihəsində kənd təsərrüfatı kooperasiyasının formalaşmasında və inkişafında dövlətin və bələdiyyələrin vəzifələri, xüsusilə də kooperasiyasının inkişafına dövlət himayəsi öz əksini tapmışdır. Məsələn, qanun layihəsində kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı bazarlarının yaradılması nəzərdə tutulmuşdur. Belə ki, əhalisi 50 min nəfərdən çox olan ərazilərdə topdansatış, 50 mindən az olan şəhər və rayon mərkəzlərində isə pərakəndə satış bazarlarının yaradılması göstərilir. Bununla yanaşı, qanun layihəsinə görə pərakəndə satış qiyməti topdansatış qiymətinə maksimum 15 faiz əlavə olunmaqla müəyyən ediləcəkdir. Bu maddə ilə alıcıların ucuz və keyfiyyətli daxili məhsulla təmin olunması nəzərdə tutulmuşdur. Həmin qiymətlərə nəzarət dövlət tərəfindən həyata keçiriləcəkdir.
Bəziləri deyirlər ki, bu müddəalar bazar iqtisadiyyatı ilə ziddiyyət təşkil edir. Lakin biz bilirik ki, hətta ən inkişaf etmiş Avropa ölkələrində belə, dövlət fermerlərə daim maddi dəstək göstərir, o cümlədən də qiymətlərə ciddi nəzarət edir. Qanun layihəsində kooperativ bazarların da yaradılması nəzərdə tutulmuşdur. Burada konkret olaraq bu cür bazarların yaradılmasının məqsədi kimi qiymət bahalaşmasının qarşısını almaq göstərilir. Qanun layihəsinin son maddələrində həmin bazarlarla yanaşı yarmarkaların da təşkil olunması nəzərdə tutulub, bu da çox mühüm bir məsələdir. Özü də birmənalı olaraq göstərilir ki, yarmarkalarda yalnız Azərbaycan Respublikasının ərazisində yetişdirilən kənd təsərrüfatı məhsulları satıla bilər və yarmarkalarda ticarət yerləri pulsuz verilir.
Qanun layihəsində göstərilən tədbirlərin lazımınca və düzgün icra edilməsi qısa bir vaxtda Azərbaycanda bütün torpaq sahələrindən səmərəli istifadə edilməsinə gətirib çıxaracaqdır. Bunun nəticəsində də daxili kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını həyata keçirmək, ölkə əhalisini tam olaraq daxili kənd təsərrüfatı məhsulları ilə təmin etmək, bununla da dövlətimizi idxal asılılığından azad etmək mümkün olacaqdır. Hazırda respublikada bundan daha aktual məsələ yoxdur. Maddələr üzrə də konkret qeydlərim vardır. Lakin bu qeyd və iradlarımı qanun layihəsinin ikinci oxunuşu zamanı nəzərinizə çatdıracağam. Mən Aqrar siyasət komitəsinin üzvlərinə və ələlxüsus da Eldar İbrahimova bütün seçicilərimiz adından dərin minnətdarlığımı bildirirəm.
Dünən Nəriman müəllimlə Masallı rayonunda idik. Cənab Prezidentlə ünsiyyətdə olmuşuq və görmüşük ki, bu məsələlərə çox böyük önəm verir. Bizlərdən də soruşmuşdur ki, Masallı rayonunda iri fermer təsərrüfatları, kooperasiya məsələləri necə həll olunub, bu barədə göstərişlər verilib? Artıq torpaqlar ayrılır, müəyyənləşdirilir. Ölkəmizdə çox maraqlı proseslər gedir. Qanun və praktika eyni səviyyədə həyata keçirilir. Qanun layihəsi hələ ki işlənilir. Amma təcrübədə artıq əsaslar hazırlanıb. Qanun işləyəndən sonra kooperasiyalar tez bir zamanda yaradıla bilər və camaat da bunu çox böyük səbirsizliklə gözləyir. Mən deyərdim ki, bəlkə də bu qanun yaz sessiyasında ən vacib və səmərəli, yadda qalan qanunlardan biri olacaq. Təbrik eləyirəm sizi.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Təqdim olunan qanun layihəsi çox vacib qanun layihəsidir. Qanun layihəsi hərtərəfli şəkildə işlənilib və bu gün müzakirəmizə təqdim olunmuşdur. Bununla bağlı mən hörmətli Eldar müəllimə öz təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, Eldar müəllim mütəmadi olaraq həm praktiki, həm də nəzəri cəhətdən kənd təsərrüfatı sahəsinə aid çox mükəmməl və demək olar, heç bir əlavə və dəyişikliyə ehtiyacı olmayan qanun layihələri təqdim edibdir. Bu da onların ən vaciblərindən biridir. Bu da onu göstərir ki, Eldar müəllimin göstərilən sahədə kifayət qədər təcrübəsi var. Komissiyada fəaliyyət göstərən insanlar da kifayət qədər təcrübəli insanlardırlar ki, hərtərəfli hazırlanmış belə bir qanun layihəsini müzakirəmizə təqdim ediblər.
Azərbaycan öz müstəqilliyini 20 ildir əldə edib. Bu illər ərzində Azərbaycanda böyük torpaq islahatı keçirilibdir. Mən siyasi, sosial islahatları nəzərdə tutmuram. Təsərrüfatla, iqtisadiyyatla bağlı islahatlar ən mühüm islahatlardan biridir. Torpaq islahatı həyata keçiriləndə ümummilli liderimiz deyirdi ki, bu birinci mərhələdir, bunun ikinci mərhələsi də olacaqdır. Aydındır ki, torpaq islahatının həyata keçirilməsi və Azərbaycan xalqının torpağa bağlılığı özünü burada əks etdirir. Azərbaycan xalqı həmişə torpağa bağlı olubdur, təsərrüfatla məşğul olubdur, işləyibdir, çalışıbdır. Azərbaycan xalqında bir oturaqlıq var. Bizim millətin oturaqlığı, torpağa bağlılığı özünü burada da göstərir.
Bu gün torpaq islahatının ikinci mərhələsidir. Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikası qanununun olması vacibdir. Konseptual baxımdan çox lazımlı bir qanundur. Hesab edirəm ki, torpaq islahatları haqqında qanunları qəbul etdiyimiz zaman paralel şəkildə bu qanunu da qəbul etməli idik. Düzdür, o zaman cəmiyyət buna hələ hazır deyildi. Amma indi qanun qəbul olunandan sonra da ortaya, ola bilsin, müəyyən məsələlər çıxacaqdır. Çünki torpaqların bölgüsü əsasında elə yerlər var ki, əkin üçün azlıq, bəzi yerlərdə çoxluq təşkil edir. Qanun layihəsi ikinci oxunuşda təkmilləşdiriləcək. 20 hektar torpağı olanın da bir səs hüququ, 40 sot olanın da bir səs hüququ var? Bu məsələnin hüquqi tərəfləri var, bunları dünya təcrübəsindən öyrəndikcə qanun layihəsini yavaş-yavaş təkmilləşdirəcəyik. Ən vacibi budur ki, bu məsələdə könüllülük prinsipi əsas olmalıdır, yəni heç bir məcburilik ola bilməz. Mülkiyyət müqəddəsdir. Biz Konstitusiyamızda mülkiyyətin 3 formasını göstərmişik. Bunlardan da biri şəxsi mülkiyyətdir. Yəni bu torpaq artıq sahibinin şəxsi mülkiyyətidir. Təbii, hər bir insan çalışır ki, öz şəxsi mülkiyyətindən kifayət qədər gəlir əldə etsin. Həm kəndli ailəsinin saxlanılması, həm ərzaq məhsullarının istehsal olunması, həm də müəyyən gəlirlərin götürülməsi vacib amillərdəndir. Lakin mülkiyyətin müqəddəsliyi də qorunub saxlanılmalıdır. Hesab edirəm ki, mülkiyyət münasibətlərində bu, ən əsas şərt rolunu oynayır.
Böyük Roma imperiyasının tarixinə bir nəzər salaq. Roma imperiyasının gücü, qüdrəti nədən irəli gəlirdi? Mülkiyyətin müqəddəsliyindən irəli gəlirdi. Mülkiyyət toxunulmaz idi. Bu gün də mülkiyyətin toxunulmazlığı əsas amil olmalıdır. Mülkiyyət hüququ hər bir fərdin hüququdur və bu hüququn onun əlindən alınmasına imkan verməməliyik. Yenə deyirəm, qanun layihəsində könüllülük prinsipi göstərilir. Qara, qırmızı, böyük hərflərlə 5 dəfə yazmalıyıq ki, könüllülük prinsipi əsas şərtdir. Heç kəsin beynində fikir formalaşmasın ki, həmin insanların torpaqlarını alıb birləşdirib özü üçün kooperasiya və yaxud da nəsə yaradacaq. Təbii, burada onun formaları göstərilmişdir.
Çox düzgün deyildi, qanun layihəsi ictimaiyyətin müzakirəsinə də verilməlidir ki, ictimaiyyət də öz münasibətini bildirsin. Çünki torpağın istifadəsində müəyyən çətinliklər var. Elə adam var ki, həkimdir, amma torpağı var və ondan istifadə edə bilmir. Ya kimə isə icarəyə verir, ya da ümumiyyətlə, torpağının hansı tərəfdə yerləşdiyi belə yadından çıxıb. Amma sonradan bu münasibətlər yarananda gəlib çıxacaq. Onun da torpağında kooperasiya yaradıldığı məlum olacaq və burada məhkəmə çəkişmələri başlaya bilər.
İkinci, torpaq islahatları həyata keçirilərkən yararlı torpağın böyük hissəsi, yəni 40 faizi yollara ayrılıbdır, burada arxlar çəkilibdir. Komitənin iclasında da mən bunu dedim. Bunlar hamısı birləşəndə, doğrudan da, çox böyük yararlı torpaq sahəsi yenidən istifadəyə veriləcəkdir. Amma elə yerlər var ki, taxıl üçün nəzərdə tutulan pay torpağında ferma və ya yaşayış evi tikilib, həyətyanı sahə yaradılıbdır. Bunun yaxınlığındakı torpaqların sahibləri kooperativ yaratmaq üçün razılıq verdikdə mülkiyyət münasibətləri  hansı qaydada həll ediləcəkdir? Bu adam şərt qoyacaq ki, mənə bu qədər pul verin, mən çıxım gedim və ya heç ümumiyyətlə, razılaşmayacaq? Yəni bu cür məsələləri çox ciddi şəkildə təhlil edib ikinci oxunuşa qədər həll etməliyik. Bəlkə biz bunun ikinci oxunuşunu payız sessiyasına qədər saxlamalıyıq ki, ictimaiyyət öz münasibətini bildirsin.
Eldar müəllimgilin Almaniyaya səfəri var. Almaniyanın bu sahədə böyük təcrübəsi var. Onların mülkiyyət münasibətləri artıq formalaşıbdır. Bizdə bu münasibətlər yenidir, bəzən ailə üzvləri arasında problemlər olur. Bu məsələyə də hələ toxunmamışıq. Qəbul edəcəyimiz bu qanun kənd təsərrüfatında böyük inkişafa xidmət edəcəkdir. Kənd təsərrüfatı məhsullarının istehsalına, satışına, bolluğuna kömək edəcəkdir. Amma bunlar vətəndaşı dövlətdən narazı salmamalıdır. Vətəndaş fikirləşməməlidir ki, ona verilən torpaq bir də əlindən alınır. Hətta ailə üzvləri arasında bunun bölgüsü sona çatmayıb, çünki hər ailəyə bir hektar torpaq verilib. Ailədə 3 oğlan uşağı varsa, sabah onlardan hər birinin bu torpağın 20 faizinə iddia etmək hüququ vardır. Biri deyəcək, mən birləşirəm, digəri deyəcək ki, mən gəlmirəm, işim var, mənim 20 faizimi ayırın, verin.
Bu gün özəlləşdirmə prosesində biz bununla rastlaşırıq. Məsələn, özəlləşdirilmiş müəssisədə mülkiyyətin 15 faizi işçilərə çatırsa, 15 faizi ayırıb kimə isə verə bilməzsən, mümkün deyil. Payçıların arasında bununla razılaşmayanlar ola bilər. Bir faizin sahibi deyə bilər ki, pay hissəmi 50 milyona satıram. Müəssisə bir faizə görə tamamilə dayana və vaxtında, yerində atılmayan addımlar işsiz bir vəziyyət yarada bilər. Elə məsələlər var ki, bunları biz həll etməliyik. Torpaq sahəsi bir adama deyil, ailə üzvlərinə də məxsusdur. Bu məsələlərin hamısı xırdalığı ilə qanunda öz əksini tapmalıdır. Kooperativin rəhbərliyi hansı formada seçiləcək? Səsvermə və ya püşkatma ilə olacaqdır? Bu məsələlər necə tənzimlənəcəkdir? Bu məsələlərin çox dəqiqliyi vacibdir, zəruridir. Amma yaddan çıxarmamalıyıq ki, sabah bundan dövlət əleyhinə istifadə edə bilərlər.
Mən konseptual baxımdan belə bir qanunun qəbulunu vacib hesab edirəm. Bunu qəbul etməliyik. İkinci oxunuşda lazım olsa, 3 gün vaxt ayırmalı, maddə-maddə, bənd-bənd baxıb hər bir məsələni istər beynəlxalq, istərsə də yerli təcrübədən yararlanaraq həll etməliyik. Ekspertlərin təcrübəsindən də faydalanmaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Uzun müddətdir hörmətli Eldar müəllim, Aqrar siyasət komitəsinin üzvləri, ekspertlər bu qanun layihəsi üzərində işləyirlər. Hesab edirəm ki, doğrudan da, çox lazımlı bir qanunun layihəsidir.
Bu yaxınlarda mən özüm televiziya ilə seyr etdim. Masallıda bir qrup insan artıq qanun qəbul olunmamış bir araya gəlmiş, gedib Gürcüstandan çay toxumları alıb gətirmiş və çay plantasiyaları əkmişdir. Onlar bildirirdilər ki, biz ayrı-ayrılıqda bu işin öhdəsindən gələ bilmirik. İstəyirik imkanlarımızı birləşdirək və bu torpaqlardan səmərəli istifadə edək, əkib becərək. Qanun qəbul olunmamış insanların özləri bu istiqamətdə müəyyən addımlar atırlar. Bu qanunun qarşısında duran əsas məqsədlərdən biri də həmin insanlara qanunvericiliklə kömək etməkdir ki, onlar belə işləri görə bilsinlər. Amma Masallıdakı təcrübəyə istinad edərək söyləyirəm ki, orada bu işləri təşkil edən bir nəfər idi. Gürcüstandan toxumu alıb gətirən də o idi və sair. Amma 5–10 kasıb adam bir araya gəlsə belə, onların yetərincə maliyyə vəsaiti olmayacaqdır. Onların hər birinin maddi imkanları eyni səviyyədədir. Təklikdə 1 hektarı əkib becərə bilmirsə, 5 nəfərin 5 hektar torpağını kasıb, imkanları olmayan adamlar necə əkib becərəcəklər?
Əvvəla, bizim kənd təsərrüfatı sistemində köklü islahatların aparılmasına ehtiyac var. Mənim dəqiq yadımdadır. Keçən il gübrənin bir kisəsini sahibkar 10 manata satırdı. Bu il vəziyyətin nə yerdə olduğunu bilmirəm. “Aqrolizinq” bunu 11 manata satırdı. Mən maraqlandım ki, niyə belədir, axı bunun 50 faizini “Aqrolizinq”ə hökumət pulsuz verir. O zaman mətbuatda belə açıqlama verdilər ki, guya onlar bu gübrəni alanda qiyməti çox baha imiş, sonradan qiymətlər düşüb. Sahibkar isə həmin gübrəni aşağı qiymətə alıb 10 manata satır. Sahibkar vergi ödəyir, onun yol xərcləri var. Amma “Aqrolizinq” bunların bir çoxundan azaddır. Bizim rayon təşkilatlarından da insanlar müraciət eləyirlər ki, “Aqrolizinq”dən azot gübrəsi ala bilmirlər və 10 gün ərzində əgər bu gübrə verilməsə, məhsuldarlıq yarıbayarı az olacaqdır. Yəni bu saat belə bir problem var.
Oqtay müəllim, sadəcə, nəyi söyləmək istəyirəm. Bu cür qanunları biz qəbul edirik. Amma bu qanunların gələcəkdə, doğrudan da, kənd təsərrüfatının inkişafına böyük töhfələr verməsi üçün ilk növbədə kənd təsərrüfatı maliyyələşdirilməlidir, buraya investisiya yatırılmalıdır. Bizdə ən inkişaf etmiş sahə neft sahəsidir. Necə oldu? Neft sənayesi müstəqil inkişaf edə bildi? Neft kontraktları imzalandı, xarici şirkətlər buraya milyardlarla dollar vəsait yatırdılar. Neft sənayesi həmin milyardların hesabına inkişaf etdi. İndi biz nə qədər qanunlar qəbul etsək də, kənd təsərrüfatına əsaslı kapital qoyulmasa... Söhbət milyardlarla dollar vəsaitdən gedir. Bizdə üst-üstə sahibkarlığa dövlət tərəfindən 100–150 milyon yardım edilir, 7 faizlə kreditlər verilir. 150 milyonla, lap 250 milyonla əhalisinin sayı 9 milyon olan ölkədə qeyri-neft sektorunu, sahibkarlığı inkişaf etdirmək mümkün deyil. Bunun üçün milyardlarla vəsait lazımdır.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ilk növbədə bank sektoru inkişaf edən ölkələr inkişaf edə biliblər. Burada da dəfələrlə hökumətin hesabatları dinlənəndə, büdcə müzakirələrində də bunlar deyilib. Belə bir təsəvvür yaranıb ki, bizim Mərkəzi Bankın işi yalnız böyük vəsaitlər hesabına manatın kursunu stabil saxlamaqdır. Halbuki bir çox hallarda manatın kursunun stabil saxlanması inkişafa mane olan amillərdən biridir. Amma bank sektoru bu gün sahibkarlığın inkişafına öz töhfəsini verə, kömək göstərə bilmir. Bir sahibkar göstərmək olar, desin ki, mən filan bankdan kredit götürdüm və böyük bir istehsal-emal müəssisəsi qurdum? Bəlkə də bunların sayı barmaqla sayılacaq qədərdir. Biz ayrıca bir qanun qəbul etməklə işimizi bitmiş saymamalıyıq. Mən hesab edirəm ki, kompleksli islahatların aparılması və aqrar sahəyə kapital qoyuluşu ilə əlaqədar xüsusi banklar yaradılmalıdır. Burada məndən öncə bu barədə çıxışlar oldu. Bəli, mən də bu fikirdəyəm.
Burada Hesablama Palatasının hesabatında da hörmətli Heydər müəllim qeyd etdi ki, bizim neft pulları xaricdə az gəlirli, amma etibarlı şəkildə saxlanılır. Mən hesab edirəm, hökumətin məqsədi həmin pulları etibarlı saxlamaqdan ibarət olmamalıdır. Eyni sözü vaxtilə Mərkəzi Bankın sədri də burada söyləmişdi. Neft pulları Azərbaycan iqtisadiyyatına xidmət etməlidir. İstehsal-sənaye müəssisələrinin yaradılmasına xidmət etməlidir. Təkcə parkların salınmasına, idman komplekslərinin tikilməsinə, binaların üzərinə daş vurulmasına, yolların çəkilməsinə sərf olunmamalıdır. Ona görə də mən hesab edirəm ki, Milli Məclisin rəhbərliyi, nəhayət, bunu hökumətdən tələb etməlidir.
Mən vaxtilə bu məsələni qaldırmışam. Təkcə Dövlət Neft Fondunun pulları xaricdə saxlanılmır, həm də bizim Mərkəzi Bankın maliyyə ehtiyatları da xarici banklarda saxlanılır. Soruşmaq lazımdır ki, sən özün Azərbaycan bankına etimad göstərmirsən? Azərbaycan vətəndaşından niyə umuruq ki, pullarını banklara yatırsın, xarici banklarda saxlamasın, xarici banklara qoymasın? Dövlət Neft Fondunun 24 milyard, bizim Mərkəzi Bankın təqribən 5–6 milyard pulu, 34–35 milyard valyuta ehtiyatımız var. Bunun 1 milyardını biz gətirib öz ölkəmizdə saxlamırıq və bu, millət vəkillərini, ümumiyyətlə, heç kimi narahat etmir. Biz bilirik ki, Azərbaycanda bank sektoru nə qədər acınacaqlı vəziyyətdədir. Bu sahəyə diqqət yetirmək lazımdır. Biz bu məsələni hökumətin qarşısında qətiyyətlə qaldırmalıyıq ki, qəbul edəcəyimiz belə gözəl qanunlar əhəmiyyətsiz və yaxud reallıqda heç bir ciddi nəticəsi olmayan bir kağız parçasına çevrilməsin.
Mən işçi qrupunun üzvlərinə, hörmətli Eldar müəllimə öz minnətdarlığımı bildirirəm. Yevda müəllim burada çox gözəl bir çıxış etdi. Bu gün bəzi azərbaycanlılar, kənd təsərrüfatında çalışan insanlar İsraildən mütəxəssislər dəvət edirlər, onlar burada istilikxanalar tikir, bağlar salırlar. Bu təcrübədən istifadə etmək lazımdır. Lazım olarsa, başqa bir qrup da İsrailə ezam olunsun. Yaxud elə həmin qrup ikinci bir ezamiyyətə İsrailə getsin. Dünyada bu sahədə ən çox inkişaf etmiş ölkə İsraildir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, cənab Sədr. Öncə mən deyim ki, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun nə tez, nə də gecikmiş, vaxtında qəbul edilməsi nəzərdə tutulan qanundur. Nəyə görə? Bilirsiniz ki, MDB məkanında ilk torpaq islahatlarına başlayan ölkələrdən biri Azərbaycan olub. Amma elə ölkələr var ki, torpaq islahatları ilə paralel olaraq kooperasiya haqqında qanun da qəbul edildi və kəndli–fermer–torpaq münasibətləri tam formalaşmadığından özünün bir çox eybəcərliklərini üzə çıxardı. Amma indi artıq hər kəsə, hər bir fermerə aydındır ki, qonşusunun torpağa münasibəti necədir? Kim torpaqla necə işləyir, kim torpaqla necə rəftar edir? Bu imkan verəcək ki, gələcəkdə fermerlər kooperasiya yaradanda aralarında sonradan narazılıqlar ortaya çıxmasın.
Az öncə danışan həmkarlarım da qeyd etdilər, çox təəssüf ki, kooperasiyaya yanaşmada bəzi qəzetlərdə mənfi məqamlara rast gəldik. Kooperasiya, əslində, nə sovet dövründən qalma bir məsələdir, nə də nəyinsə inhisarıdır. Kooperasiya Qərb standartlarının, yeni əmək etikasının, əmək məhsuldarlığının kənd təsərrüfatına gətirilməsidir. Başqa ölkələrin təcrübəsi də göstərir ki, eyni zamanda, kooperasiyanın üzvləri olan fermerlər daha savadlı, torpaqla daha yaxşı rəftar etməyi və komanda oyununu yaxşı bilən fermerlər olmalıdır. Ancaq bu halda biz kooperasiyanın uğurlarından danışa bilərik.
Eyni zamanda, kooperasiya bir çox hallarda daxili resurslardan istifadəni çox asanlaşdıra bilər. Məsələn, təmsil etdiyim Tərtərdə su çatışmazlığı problemi var. Bu qabarıq bir problemdir. Elə fermer var ki, sahəsi su mənbəyinə daha yaxındır, bəzən sudan israfçılıqla istifadə edir. Amma onun qonşuluğunda olanlar bundan əziyyət çəkirlər. Həmin fermerlər kooperasiya halında birləşdikdə bu cür resurslardan çox məhsuldar istifadə edə bilərlər. Eyni zamanda, kreditlərdən də məhsuldar istifadə edə bilərlər.
Hörmətli Eldar müəllim qanun layihəsini çox ətraflı, gözəl təqdim etdi. Sənədin özündən də görünür ki, bu sənəd, sadəcə, digər sənədlərin tərcüməsi deyil. Sadəcə, beynəlxalq təcrübənin olduğu kimi təqdimatı deyil. Bir çox yerli reallıqların da burada nəzərdə alındığını görürük. Eyni zamanda, biz görürük ki, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun təkcə daha yüksək əmək məhsuldarlığına gətirib çıxarmayacaq. Bəzən heç bir faydalı iş görmədən həm kənd təsərrüfatı işçilərinin əməyindən böyük gəlirlər əldə edən və bahalaşma yaradan vasitəçilər var. Onların rolunu yetərincə azaldacaq. Yəni kənd təsərrüfatı istehsalçısı birbaşa bazara çıxış əldə edir.
Burada görkəmli iqtisadçılar əyləşiblər. Onlar gözəl bilirlər, bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun prezidenti çıxış edərək dedi ki, azad bazar iqtisadiyyatı modeli artıq özünü o qədər də doğrultmur. 2008-ci ildən başlayan böhran göstərdi ki, azad bazar iqtisadiyyatı modeli ilə bütün bu proseslərin qarşısını almaq mümkünsüzdür. İqtisadiyyat tənzimləməli, yönəltməlidir və dövlət tənzimlənməsi olmalıdır. Bu kooperasiyalar imkan verəcək ki, kənd təsərrüfatı da Azərbaycan dövlətinin, vətəndaşının maraqlarına uyğun şəkildə tənzimlənsin.
Mən məsələnin geopolitik tərəfinə də diqqət yetirmək istəyirəm. Birinci, bilirsiniz ki, hazırda bütün dünyada təhlükəsizliyin iki əsas kommunal komponenti qabarıq görünür. Bunun biri informasiya, digəri isə ərzaq təhlükəsizliyidir. Dövlətimizin başçısı cənab İlham Əliyev hər iki təhlükəsizlik, xüsusilə də ərzaq təhlükəsizliyi məsələsinin üzərində xüsusi dayanıb. Ərzaq təhlükəsizliyi isə iki halda mümkündür. Birinci dövlətin kənd təsərrüfatına ayırdığı dotasiyalardır. Son zamanlar biz bu dotasiyaların həm miqdarının, həm də əhatə sahələrinin genişləndirildiyini görürük. Az öncə Eldar müəllim də qeyd etdiyi kimi, beynəlxalq təcrübə də göstərir ki, əgər ölkədə Qərb standartlarına cavab verən kooperasiyalar yaradılmasa, ərzaq təhlükəsizliyi təmin edilə bilməz. Məhz bu kooperasiyalar vasitəsilə ərzaq təhlükəsizliyi təmin oluna bilər.
Məsələnin digər geopolitik tərəfinə gəldikdə isə bizə qonşu olan postsovet ölkələrində, məsələn, Rusiya, Ukrayna kimi ölkələrdə kənd təsərrüfatına yararlı milyonlarla hektar torpağın boş-boşuna dayandığının şahidi oluruq. Onlar müxtəlif variantlarla bu torpaqlara işləyənləri, iş adamlarını cəlb etmək üzərində baş sındırırlar.
Artıq Azərbaycanın tikinti biznesi ilə məşğul olan bir çox iş adamları var ki, onlar Rusiyada, Ukraynada, Belarusda və digər ölkələrdə çox uğurla iş görürlər. Mən təqribən bir il bundan əvvəl Belarusda olmuşdum. Orada xeyli gözəl binalar gördüm. Yerli belaruslar deyəndə ki, bunları azərbaycanlılar tikdiriblər, açığı, bir az inanmadım. Azərbaycanlılar haqqında çox böyük ruh yüksəkliyi ilə, fəxrlə danışırdılar. Mən bir azərbaycanlı kimi bundan qürur duydum. Mən fikirləşirəm ki, əgər doğrudan da, kooperasiya məsələsi Azərbaycanda özünü doğruldacaqsa, ölkə daxilində təkcə ərzaq təhlükəsizliyi məsələsinin həllində, kəndlərdə orta təbəqənin sayının artmasında özünü göstərməyəcək. Eyni zamanda, Azərbaycan fermerləri, kooperatorları bu yolla yeni bazarlara çıxış əldə edə bilərlər. Öz təcrübələrini daha geniş məkanlarda da tətbiq edəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aqil Abbasov.
A.Abbasov. Təşəkkür edirəm, Oqtay müəllim. Bir neçə kəlmə ilə mən də bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Əvvəla, mən az-çox kənd təsərrüfatını bilirəm. Uzun illər Mərkəzi Komitənin “Sovet kəndi” qəzetinin şöbə müdiri işləmişəm. Atam 40 ilə yaxın kənd təsərrüfatı sahəsində rəhbər vəzifədə çalışıb. Nədir məsələ? Birinci, bu qanun layihəsini hazırlayanlara təşəkkür edirəm. Çox ciddi, vacib və 10 il gecikmiş bir qanundur. Siyavuş müəllim deyir ki, bunu payıza saxlayaq. Payıza saxlamaq lazım deyil. Bəlkə də 10 il gecikmiş bir qanundur. Bu qanun o vaxt qəbul olunmalı idi. Bayaq Siyavuş müəllim dedi ki, torpağın 40 faizi yolların, artezianların, suların, arxların altında qalıb. Həqiqətən, Azərbaycanda 30 faizdən artıq münbit torpaq əkin üçün istifadəsiz haldadır.
Allaha şükür, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun qəbul olunmamışdan Ağcabədidə doğulduğum ərazidə, yəni öz kəndimizdə bu qanunu yerinə yetirmişik. Qohum-əqrəbanı yığmışam ki, torpaqlarınızı birləşdirin, bir yerdə əkin, bir yerdə biçin. Bayaq Əli müəllim dedi ki, kolxoz və sovxoz yaratmayaq. Əli müəllim, sovxozun nə qədər qorxulu olduğunu mən bilmirəm, amma kolxozu az-çox bilirik. Kolxoz kollektiv təsərrüfatdır. Sadəcə, sovet hökuməti bunları bir az başqa cür istifadə etdi. Bu gün “Azərittifaq” qalır, o da payçıların təsərrüfatıdır. Kolxozlardan düzgün istifadə olunmadı. Doğulduğum Boyat kəndində kolxoz 2 milyon manat xalis gəlir əldə edirdi. İndi bizim kəndi camaatı ilə birlikdə bazara çıxarsan, beş yüz min verən olmaz. Amma kolxoz olarkən həmin kənd 2 milyon xalis gəlir götürürdü.
Sonra, burada Yevda müəllim deyir ki, almanlar musiqidən istifadə edirlər. Yevda müəllim, dünyada musiqidən ilk dəfə Azərbaycan, türk xalqı istifadə edib. Bu gün də nənələrimiz inəyi oxumaqla sağırlar. Bundan başqa fakt deyim sizə. Sadıq Murtuzayev Ağdamda birinci katib olanda bütün heyvandarlıq təsərrüfatlarında heyvanlar musiqi ilə otlağa çıxarılırdı. Kim istəyirsə, maraqlana bilər. İkinci də, Çoban Qaranı eşitmisiniz. Almanlar bizdən irəlidə deyildirlər və bu məsələləri bizdən də gözəl bilmirlər. Dünyada ilk buğda Azıx mağarasında tapılıb. Əkinçilik sahəsi bu xalqa məxsusdur. Demirəm, biz əkmişik. Amma bu torpaq əkilibdir, bizim əkinçilik mədəniyyətimiz var. Dünyada ən qədim əkinçilik yerlərindən biri bizim ölkəmizdir. Bir söz də deyim. “Axırıncı aşırım” filmində gözəl bir yer var. Barmağı ilə göstərib deyir: “kolxoz olandan buğdanı bu boyda yetişdiririk”. Kolxozdan qorxmaq lazım deyil. Kolxozu dağıtmaq, əslində, səhv idi. Kollektiv, payçı təsərrüfatdır. Kim istəyər çıxar, kim istəyər qayıdar. Bugünkü qanun layihəsində də deyilir ki, heç kəsi kooperasiyaya məcburi dəvət etmirlər, heç kəsi də zorla qəbul etmirlər. Kim istəyər qəbul olunar, birləşər, istəməsə, təklikdə təsərrüfatla məşğul olar.
Qarabağda torpaqların yarısını ermənilər işğal ediblər, yarısını da bəzi iş adamları götürüblər. Qarabağda əkinə yararlı torpağın 70 faizində müxtəlif adamlar kooperativ təsərrüfatlar yaradıblar. Bahar xanım da bilir. Onların da rayonunda torpağın 70 faizi füzulilərin əlində deyil. Yaradıblar, sağ olsunlar, məhsul istehsal edirlər. Amma niyə onlar daha çox məhsul istehsal edə bilirlər? Çünki torpağı birləşdiriblər, torpağı birgə əkib-becərə bilirlər və nəticədə məhsuldarlıq 5–10 faiz yox, 20–30 faiz artıqdır. Kooperasiyadan qorxmaq lazım deyil.
Bunu geniş xalq müzakirəsinə vermək təklif olunur. Nə xalq müzakirəsi? Xalq müzakirəsinə versəniz, mitinq edəcəklər. Burada deputatlar, böyük iqtisadçılar, təsərrüfatı bilənlər oturublar. Onlardan mənim əmim oğlu ağıllıdırmı? Yox, ağıllı deyil. Ağıllı olsaydı, onu seçərdilər. Söhbət ondan gedir ki, burada həmin adamlar qanun layihəsini hazırlayıb ortaya qoyublarsa, müzakirəyə verək, görək əmim oğlu razıdır, ya yox? İstəyər qəbul olunar, istəməz qəbul olunmaz kooperasiyaya. Çox ciddi bir məsələdir.
Elmira xanım şüur səviyyəsindən danışdı. Elmira xanım, kəndlinin şüur səviyyəsi əkinçilikdə hamımızdan yuxarıdadır. Çünki ömrü boyu əkinçiliklə məşğuldur. Onların şüur səviyyəsini artırmaq lazım deyil. Necə becərmək lazım olduğunu yüz, min dəfə bizdən artıq bilirlər. Sonra deyirlər ki, İsraildən öyrənək. İsrail bizdən öyrənir. Bütün SSRİ-ni, 250 milyonluq bir ölkəni Bakı tərəvəzlə, güllə təmin edirdi. Biz istixanalar quranda dünyanın heç bir xalqı bilmirdi ki, istixana nədir. İndi Bakı kəndlərində, sadəcə, qaz, enerji çatışmazlığı olduğundan bu məhsullar tələbatı ödəyə bilmir. Bir az da, ola bilər ki, qazın, suyun bahalığı məsələsi var. Azərbaycan xalqının bu sahədə bildiyini heç bir başqa xalq bilmir.
Bir məsələyə də toxunmaq istəyirəm. Belə müzakirədə mövzudan kənara çıxmaq bizdə adətdir. Bayaq dostum Qüdrət müəllim də yarım saat başqa bir məsələdən danışdı. Yevda müəllim də başqa məsələyə toxundu. İmkan olsa, mən də bir dəqiqə başqa məsələyə toxunmaq istəyirəm. Yevda müəllim deyir ki, Qubaya 22 nəfər səfir getmişdi, sonra səfirlər qayıdanda Qubadakı kütləvi məzarlığa getmədilər. Yevda müəllim, heç olmasa, İsrail səfirinin boynundan tutub aparaydınız oraya ki, qardaş, sən axı soyqırımın nə olduğunu bilirsən. Heç olmasa, sən bilirsən, qoy alman, digəri bilməsin, sən ki bilirsən.
Mən az danışan adamam. Müzakirə olunan məsələdən danışmaq lazımdır. Yoxsa filankəs getmədi, filankəs gəlmədi. Mən inanıram ki, Yevda müəllim İsrail səfirini aparacaq oraya. Özü də məndə məlumat var, İsrail səfiri orada olub. Amma 22 nəfərin içərisindən yalnız onu oraya apara bilərdi. Burada Oqtay müəllimdən soruşur ki, niyə getmirlər? Oqtay müəllim səfirlərin icra başçısı deyil, səfirlərin də hüququ onun əlində deyil.
Bir məsələni də əlavə edim. Mitinq məsələlərindən çox deyirlər. Mən qəzetləri qaldırıram, baxın. Qəzetdə yazanda mənə deyirlər ki, ABŞ-ın əleyhinə danışmaq olmaz. Bilmirəm, dədəmdir, nənəmdir, niyə qorxmalıyam? Nədir məsələ? Qəzetləri qaldırın, baxın. Metyu Brayzanın iki müxalifət lideri ilə görüşü olub. Həmin radikal müxalifət təmsilçiləri ilə görüşündə deyib ki, “siz gücünüzü ortaya qoyun, 30 adam da olsa çıxarın, biz sizə dəstək verəcəyik”. Bu sözlər qəzetdə özü də dırnaq arasında verilib. Hansısa bir səfirin, xarici ölkə nümayəndəsinin nə ixtiyarı var ki, bu sözləri desin? Xahiş edirəm, faktla danışın. Metyu Brayzadan danışmaqdan mən də qorxuram. Hətta mənə deyirlər ki, ABŞ-ın əleyhinə danışsan, gələn dəfə səni deputat seçməyəcəklər. Guya bizi ABŞ deputat seçir. Bu xalq seçir bizi. Belə danışdığıma görə üzr istəyirəm. Oqtay müəllim, bir daha Sizə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nizami Cəfərov.
N.Cəfərov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məsələ burasındadır ki, bizim millət vəkillərinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan rayonlardan seçilmişdir. Torpaqla bağlı məsələlərdə hansı mürəkkəbliklər olduğunu bilirik. Hətta belə sözlər də eşidirik: “vaxtilə kolxoz, sovxoz var idi, camaat işləyirdi. Heç bir ixtisası, peşəsi olmayan orada işləyirdi, evinə bir tikə çörək gətirirdi”. Bu, sadəcə, nostalgiya deyil. Bu, eyni zamanda, kənd təsərrüfatı kooperasiyası dediyimiz yeni qurum, şərait üçün, mənə elə gəlir ki, ilkin və sosial-psixoloji bir bazadır. Biz belə həddindən artıq ciddi şəkildə “bu, kolxoz, sovxoz deyil” mübahisəsini ortaya atmamalıyıq. Ona görə ki, camaat çox yaxşı bilir ki, nə kolxoz, nə də sovxoz olmalıdır. Amma Aqil müəllimlə mən tamamilə razıyam. Bəlkə də o çıxış edib bu sözləri deməsəydi, mən heç çıxış etməzdim. Həqiqətən, kolxozun da təcrübəsindən öyrənmək lazımdır. MDB-nin bəzi ölkələrində, eşitdiyimə görə, Belarusda bu təcrübə qalır və yeni şəraitə uyğunlaşdırılır. Əgər təxminən 50 ildən artıq bir müddətdə Azərbaycanın kənd təsərrüfatı məhz kolxoz və ya sovxoz sistemi ilə inkişaf edibsə, bu çox böyük bir təcrübədir. Biz sovet dövründən hər şeyi atmaqla gedə bilmərik.
Hörmətli Eldar müəllim, əslində, “kolxoz deyil” desə də, hiss olunur ki, onun da təcrübəsində kolxoz məsələsi var, çünki istər-istəməz biz bu mühitin yetişdirməsiyik. Dərhal bizim Almaniyanın, İsrailin, Türkiyənin kooperasiya təcrübəsinə keçməyimiz mənə birtəhər gəlir. Yəni bu çox sürətlə ola bilməz. Amma təcrübə, təbii, öyrənilməlidir. Tezis, antitezis var, yəni tam inkar edirsən, kolxozu dağıdırsan, amma sonra istər-istəməz sintez gəlir. Aqil müəllimin bir sözü ilə razı deyiləm ki, hamı bizdən öyrənməlidir və bizdən öyrənibdir. Mənə elə gəlir, elə hamı hamıdan öyrənməlidir. Düzdür, hərdən adımız çəkilməyəndə hirslənib deyirik ki, elə hamısını bizdən öyrənmisiniz.
Düşünürəm ki, çox mükəmməl bir qanun layihəsidir. Çox detallarına baxmaq olar. Mən Sahib Alıyevlə razılaşmalı olacağam ki, ilkin mərhələdə bu prosesə dövlət mütləq nəzarət etməlidir. Kənd təsərrüfatı xalqın ərzaq təminatı məsələsini həll edir. Bu siyasi məsələdir. Bunu hər hansı avantüra texnologiyasının ümidinə buraxmaq olmaz. Mənə elə gəlmir ki, dünyanın inkişaf etmiş ölkələrində də bu nəzarət yoxdur və sadəcə olaraq, qanun verilib və hər kəs işini başa düşür. Elə ola bilməz. Dövlət bunun iqtisadi-maliyyə təminatı ilə məşğul olacaqsa, kredit verəcəksə, onu istiqamətləndirəcəksə, istər-istəməz dövlətin burada iştirakı vacibdir. Çox səviyyəli bir qanun layihəsidir. Mən əminəm ki, bu qanun qəbul edəcəyimiz ən mühüm, strateji qanunlardan biri olacaqdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də bəzi fikirlərə münasibətimi bildirmək istəyirəm. Burada çıxış edənlərin bir hissəsi dedi ki, vaxtı keçmiş qanundur, digər hissəsi isə deyir, vaxtında hazırlanmışdır. Amma həqiqətən, bu qanunun vaxtı elə indi çatıb. Torpaq islahatları keçiriləndən sonra torpaq münasibətləri yeni-yeni tarazlaşıb öz yerini tutmağa başlayır. Kim torpağa bağlıdırsa, torpağında işləyir, bəzilərinin isə torpaqları boşdur. Aqil müəllim dedi ki, rayonların çoxunda torpaqlar əhaliyə məxsus deyil. Bu torpaqlar əhaliyə məxsus olub, becərməyib, satıb. Kim isə kənardan gəlib orada işləyir, yaradır.
Siyavuş müəllim kooperasiya yaradan insanların arasındakı hüquqi münasibətlərdən danışdı. Sahib müəllim dedi ki, bazar iqtisadiyyatı düzgün deyil. Ancaq bizim iqtisadiyyat bazar iqtisadiyyatıdır. Kooperativlər könüllülük prinsipi ilə yaradılacaqdır. Bazar iqtisadiyyatı, hüquqi münasibətlər yavaş-yavaş bu məsələləri tənzimləyəcəkdir. Kəndli görəndə ki, böyründə olan torpaq yaxşı taxıl verir, gəlir gətirir, o da kooperativə girəcək, torpağını verəcək, işlərdə də iştirak edəcək.
Mən bir məsələ ilə razı deyiləm. Dünya təcrübəsi bizə lazımdır. Sizə bir misal gətirim. Hamınız məndən yaxşı bilirsiniz. İkinci dünya müharibəsindən sonra Almaniya dağılmış bir ölkə idi. Almaniya necə inkişaf etdi? Almaniya dünyada mövcud olan ən müasir, yeni texnologiyalar gətirərək tətbiq etdi. İndi iqtisadiyyatına görə Avropada birincidir. Bunun səbəblərinin biri odur ki, dünya təcrübəsini çox yüksək səviyyədə mənimsəyərək inkişaf etdi. İndi biz niyə təcrübədən imtina etməliyik? Almaniyanın təcrübəsini götürməliyik. İsraildən də, başqa ölkələrdən də öyrəndiklərimizi tətbiq etməliyik. Yalnız bu cür biz kənd təsərrüfatının inkişafına nail ola bilərik. Ancaq burada nəzarət yox, dəstək əsas olmalıdır. Əgər biz nəzarətə başlasaq, bu kooperativlər yenə kolxozlara çevriləcəkdir. Kənd təsərrüfatına dövlət dəstəyi olmalıdır və bu dəstək olarsa, kənd təsərrüfatı inkişaf edə bilər. Eldar müəllim, əlavəniz varsa, buyurun.
E.İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən Sizə birinci növbədə komitəmiz, deputatlar adından minnətdarlığımı bildirirəm ki, bu qanun layihəsinə diqqətlə yanaşdınız. İki saata yaxındır ki, bunun müzakirəsi gedir. Qanun, doğrudan da, dəyərli, lazımlı qanundur. Çıxış edən on bir deputat həmkarımın on biri də buna diqqətlə yanaşdı. Mən minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm.
Bəzən fikirləşirdim, deputatlar deyəcəklər ki, kolxoz yaradırsınız. Yaxşı ki, bunu demədilər və mahiyyəti də düzgün təhlil etdilər. Əlbəttə, cənab Sədr, Siz çox yerində dediniz, kooperasiyaya dövlət himayəsi hökmən lazımdır. Burada həmin mövzuya geniş bir fəsil həsr etmişik. Bu gün də dövlət himayəsi var. Amma bəlkə də verilən kreditlər tək-tək adamlar arasında dağıdılır. Kim isə torpağı becərmək üçün kredit alır, həmin pulu maşına sərf edir və bununla məşğul olur, kredit də batır. Amma kooperativdə bunu edə bilməyəcək.
Mən sadə bir misal gətirdim. Kooperativdə hər şey xüsusidir, kiminsə torpağı, kiminsə arxı qalacaq. Hörmətli Siyavuş müəllim bunları dedi. Burada əsas prinsip könüllülükdür. Kim istəsə, birləşəcək, qazanacaq, kim istəməsə, birləşməyəcək, yenə tək qalacaq, torpağı becərə bilməyərək kasıb olacaq. Yəqin ki, başa düşüb qoşulanlar da çox olacaq. 1996-ci ildə “Torpaq islahatı haqqında” Qanunu qəbul etmişik, hələ də bu islahat gedir. Bu o demək deyil ki, qanun qəbul olundu, sabah elə hamı kooperasiya təşkil edəcək. Yox. Bu böyük bir sistemdir, uzaq yoldur. Biz bu yolun hələ başlanğıcındayıq.
Bayaq, cənab Sədr, Siz çox düzgün dediniz. Bu yolu gedəndə hər bir adam öz yerini tapacaq. Kimi arxı düzəldəcək, kimi torpağı əkəcək və birləşəcəklər. Bütün Avropa ölkələri bu yolla gediblər. Mən onlardan qəsdən danışdım, sizi yormaq istəmədim, amma hesab edirəm ki, maraqlı danışdım, hamınız da yaxşı qulaq asdınız. Mən bunları dedim, biləsiniz ki, dünyada nə qədər böyük proses gedir. Bu gün Avropa kooperasiya sistemini quraraq öz-özünü kənd təsərrüfatı məhsulları ilə təmin edir. Ağılları yoxdur gediblər bu işə? “Torpaq islahatı haqqında” Qanun qəbul olunanda ulu öndərimiz, Allah rəhmət eləsin, dedi ki, biz kooperasiyaya qayıtmalıyıq. Hazırda bunun vaxtı çatıbdır. Ola bilsin, tez qayıtsaydıq, buna əhəmiyyət verə bilməzdik. Gecikib bir 3–4 ildən sonra kooperasiyaya qayıtsaq artıq uduzarıq. Çünki biz hələ qanundan danışırıq, artıq kəndlilər birləşir, kooperativ yaradırlar. İnşallah, gedib öyrənib gəlib müəyyən məsələləri deyəcəyik.
Mən bütün həmkarlarıma minnətdarlığımı bildirirəm ki, hamısı qanun layihəsinə çox yüksək səviyyədə, məhəbbətlə, qayğı və diqqətlə yanaşdı. Layihəni çox yaxşı oxuyublar, gördüm ki, onların hər biri məndən yaxşı bilir bu qanun layihəsini. Burada Fəzail müəllim 6-cı maddənin üçüncü bəndi ilə bağlı bir sual verdi. Fəzail müəllim, bunun üzərində fikirləşərik. Kənd təsərrüfatı istehsal kooperativləri kommersiya təşkilatı hesab olunur. Nə üçün? İstehsalçı məhsul istehsal edir, satır. Demək, kommersiya işi ilə məşğuldur, pul qazanır. Amma istehlakçı və yaxud qarışıq kənd təsərrüfatı kooperativi qeyri-kommersiya təşkilatına aiddir. Çünki istehlakçı pul qazanmır, kommersiya ilə məşğul olmur, əksinə, pul xərcləyir, kənd təsərrüfatı məhsulu alır. Ona görə biz bunu nəzərə alıb belə yazmışıq. Amma yenə də bu maddə üzərində fikirləşməyə dəyər. Bizim işçi qrupu alimlərimizlə birlikdə bu məsələyə baxacaq.
Mən bir daha hörmətli deputat həmkarlarımın hamısına dərin minnətdarlığımı bildirirəm. Oqtay müəllim, elə olurdu ki, aqrar sahə üzrə qanun layihəsinin ikinci, üçüncü oxunuşlarında belə heç kəs danışmırdı. Mən də narahat olurdum. Deyirdim, görəsən, bu qanun pisdir, yoxsa yaxşıdır danışmırlar? Amma bu qanun layihəsinə hörmətli həmkarlarım çox böyük əhəmiyyət verdilər. Hamınıza minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda konseptual baxımdan münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.52 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələmiz “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Qərar layihəsi hamınıza paylanıb. Biz yeni dostluq qrupları yaradırıq. Malta ilə parlamentlərarası dostluq qrupuna hörmətli Qüdrət Həsənquliyev, Belçika ilə dostluq qrupuna da Elxan Süleymanov rəhbər təklif olunur. Etiraz yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.53 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu. Gələn iclasın tarixini sizə söyləyəcəyik. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi