2011-ci il 6 may tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
II  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 14
 
Milli Məclisin iclas salonu.
6 may 2011-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 103
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft  Şirkətinin birinci vitse-prezidenti.
Vaqif Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəisi.
Davud Yaqubov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
Əli Cəfərli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsi rəisinin müavini.
İlqar Rəcəb, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin mütəxəssisi.

*     *     *

BP Eksploreyşn  (Azərbaycan) Limited Şirkətindən

Seymur Xəlilov, vitse-prezident.
Hüseyn Qasımov, biznes inkişaf meneceri.
Elyar Əliyev, hüquq məsləhətçisi.

UQE–LANSER PTİ.LTD Şirkətindən

Lothar Ernst Wilhelm Tauschke, direktor.
Paul Otto Bernd Bronowski, menecer.
Ləman Hacıyeva, tərcüməçi.

*     *    *

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Sənan Muxtarov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hüquq şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə Konstitusiya qanunu (ikinci səsvermə).
2. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (birinci səsvermə).
3. Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay böl-güsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Or-taq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Re-spublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasında Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE–LANSER PTİ. LTD və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının Balakən rayonunun inzi-bati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Gündəlik haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Xanhüseyn Kazımlı, Əli Məsimli, Fərəc Quliyev, Zahid Oruc, Qüdrət Həsənquliyev, Azay Quliyev, Fazil Mustafa, İqbal Ağazadə, Sahib Alıyev, Yaqub Mahmudov, Siyavuş Novruzov, Musa Qasımlı, Sabir Rüstəmxanlı, Ziyafət Əsgərov, Məlahət İbrahimqızı

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  99
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə Konstitusiya qanunu (ikinci səsvermədə).

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  110
Nəticə: Qəbul edildi

3. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu (birinci səsvermədə).

Çıxış etmişlər:   Oqtay Əsədov, Əli Hüseynli, İlyas İsmayılov, İsa Həbibbəyli, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir  113
Nəticə: Qəbul edildi

4. Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Ziyafət Əsgərov, Mübariz Qurbanlı, Vahid Əhmədov, Rasim Musabəyov, Siyavuş Novruzov, Fuad Muradov, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  109
Nəticə: Qəbul edildi
5. Azərbaycan Respublikasında Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE–LANSER PTİ. LTD və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:   Oqtay Əsədov, Valeh Ələsgərov, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fərəc Quliyev, Siyavuş Novruzov, Rövnəq Abdullayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  96
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:   Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  94
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Elmira Axundova, Jalə Əliyeva, Əli Məsimli, Elton Məmmədov, Vahid Əhmədov, Əhməd Vəliyev, Siyavuş Novruzov, İlyas İsmayılov, Ziyafət Əsgərov, Fərəc Quliyev, Çingiz Qənizadə, İsa Həbibbəyli, Aytən Mustafayeva, Aydın Əliyev

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.56 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  91
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–52-ci maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.10 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Təklif: 53–134-cü maddələr  qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.11 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  110
Nəticə: Qəbul edildi

Təklif: 135–184-cü maddələr  qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.11 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Təklif: 185–222-ci maddələr  qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.12 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Təklif: 223–288-ci maddələr  qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.12 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Təklif: 289–334-cü maddələr  qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.13 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 18.13 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

6 may 2011-ci  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 103
Yetərsay  83

Yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik hamıya paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  99
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Hörmətli millət vəkilləri, 2 gün sonra Azərbaycanın qədim  Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 19-cu ildönümüdür. Xahiş edirəm, Şuşa şəhərinin müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hörmətli millət vəkilləri, eyni zamanda, qarşıdan gözəl bayram günlərimiz də gəlir. Bildiyiniz kimi, mayın 9-da faşizm üzərində qələbə bayramını qeyd edəcəyik. Mən deyərdim ki, Azərbaycan xalqı qələbənin əldə edilməsinə çox böyük, sanballı töhfə vermişdir. Mən ilk növbədə veteranlarımızı, İkinci Dünya müharibəsi zamanı arxa cəbhədə fədakarlıq göstərmiş Azərbaycan xalqının bütün oğul və qızlarını, eləcə də sizin hamınızı bu bayram münasibətilə təbrik edirəm! (Alqışlar.)
Mən əminəm ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Azərbaycan tarixində yeni bir qələbə gününü – Dağlıq Qarabağın azad olunması gününü  qeyd edəcək! (Alqışlar.)
Hörmətli millət vəkilləri, hamınızın bildiyi kimi, may ayının 10-da ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür. Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biridir. Xalqımızın bütün müsbət keyfiyyətləri, yaradıcılıq enerjisi onun şəxsiyyətində öz təcəssümünü tapmışdı. Ulu öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Xalqımız onun sayəsində XXI əsrə inamla qədəm qoymuşdur. 
Hörmətli deputatlar, ulu öndərin doğum günü münasibətilə sizin hər birinizi, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm, Heydər Əliyevin qurub yaratdığı və yaşatdığı Azərbaycan dövlətinə xoşbəxt gələcək arzulayıram! (Alqışlar.)
Gündəliyi müzakirə eləməyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yazılın. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun, hörmətli Sədr. Siz qarşıdan gələn əlamətdar günlər barədə çox ətraflı məlumat verdiniz. Ona görə “çox sağ olun”  deyirəm. Siz mənim müraciətimə əsasən Macarıstan parlament qrupunun yeni rəhbərinin Azərbaycan həqiqətlərinin üzə çıxarılması barədə müraciətinə çox yüksək səviyyədə münasibət bildirdiniz və onların sentyabrda Azərbaycana dəvət olunmasına  razılıq verdiniz.
Bayramlar ərəfəsidir, 3 dəqiqə ərzində heç kəs öz fikrini ifadə edə bilməyəcək. Mən təklif edərdim ki. mümkündürsə, bu gün çıxışların 5 dəqiqə olmasına  razılıq verərdiniz və bu məsələni səsə qoyardınız. Bununla bugünkü müzakirələrin yarım saat yox, 40–45 dəqiqə keçirilməsinə şərait yaradardınız.
Sədrlik edən. Biz vaxtı uzadarıq, amma reqlamentin 5 dəqiqə olması qanuna  uyğun deyil. Davam edin.
X.Kazımlı. Buna görə də təşəkkürümü bildirirəm. Siz burada çox mühüm məsələlərlə bağlı fikirlər söylədiniz. Faşizm üzərində qələbənin 66-cı, ulu öndərimizin anadan olmasının 88-ci ildönümləri ilə əlaqədar danışdınız. Əlbəttə, indi Azərbaycanın bütün elm, tədris, istehsalat müəssisələrində bu əlamətdar günlər münasibətilə tədbirlər keçirilir. Tədbirlərdə bizim ziyalılarımız, gənclərimiz, eləcə də əmək adamlarımız  fikirlərini söyləyirlər.
Dünən mən Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutunda keçirilən tədbirdə iştirak edirdim. O tədbirdə Sizin indi  qeyd etdiyiniz məsələlər ətrafında müzakirələr keçirilirdi. Orada xüsusilə  deputat həmkarım professor Fəzail İbrahimlinin dediyi fikirlər tamamilə mənim ürəyimcə oldu. Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövrdə ulu öndərimizin çox böyük xidmətləri olmuşdur. Bunları tamamilə bir-birindən fərqləndirmək lazım gəlir, çünki bəziləri ulu öndərin xidmətlərini yalnız Azərbaycanda baş verən iqtisadi tərəqqi ilə əlaqələndirirlər. Bu böyük bir həqiqətdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə yalnız...
Sədrlik edən. Sizə bir dəqiqə əlavə vaxt verirəm. Amma xahiş edirəm, hamınız 3 dəqiqəlik  reqlamentə əməl edəsiniz. Buyurun.
X.Kazımlı. Məlum olduğu kimi, bu dövrdə Heydər Əliyev  Azərbaycan xalqına, müsəlman dünyasına qarşı gizli ideoloji mübarizələrə sinə gərmiş və vaxtilə bu mübarizədə özlərini qurban vermiş,  siyasi arenadan çıxmış Nəriman Nərimanovların, Mircəfər Bağırovların başına gələn hadisələrin və Azərbaycanın taleyində gərgin, sıxıntılı günlərin başlanması ilə nəticələnən bir prosesin tamamilə qarşısını almışdır. Heydər Əliyev milli kadrların yetişdirilməsində  və Azərbaycanın idarə olunmasında əvəzolunmaz işlər görmüşdür. Mən vaxtın az olması ilə əlaqədar fikrimi yekunlaşdırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Yaxında 2011-ci ilin büdcəsinə yenidən baxılacaq. Xalqın bir gözləntisi var ki, görəsən, 2011-ci ilin büdcəsinə yenidən baxılanda maaşlar, pensiyalar nə qədər artacaq. Xalqın bir sıxıntısı da var ki, pensiyalar, maaşlar artan kimi qiymətlərin də avtomatik,  ona proporsional surətdə artması ilə o vəsait xalqın həyat səviyyəsinin yaxşılandırılmasına sərf olunacaq, yoxsa bir qrup adamın gəlirinin artmasına?  Artıq iki on ildir ki,  əmək haqları, gəlirlər nə qədər artırsa, bu işbazlar həmin ildə xalq istehlakı mallarının qiymətini bir o qədər qaldırırlar.
Ötən il Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 13,7 milyard manat olub. Bu o deməkdir ki, istehsalı inkişaf etdirmədən, əlavə mal gətirmədən  qiyməti 1 faiz artırmaqla 137 milyon manat əlavə gəlir götürürlər. Bu, 10 faiz artarsa, artıq bu rəqəm 1,4 milyard manat olur. On illərdir, bu proses davam edir və o insanlar da elə bilirlər ki, bunu heç kəs başa düşmür. Bu, yerli istehsalı boğur və Azərbaycan keyfiyyətsiz malların gətirilməsi poliqonuna çevrilir.
Tam məsuliyyətlə deyirəm, Azərbaycanda indiki iqtisadi proseslərin doğurduğu inflyasiya 3 faizin ətrafındadır. Xaricdən gətirilən mallarla gələn inflyasiya 3 faizin ətrafındadır. Mənim proqnozuma görə, 1 faiz də səhv eləyim,  7 faiz eləyir. Əgər əmək haqları 20 faiz artacaqsa, inflyasiya 9–10 faiz göstərilsə də, həmin işbazlar xalq istehlakı mallarının qiymətini 20 faizin ətrafında qaldıracaqlar.
Bu, bazar iqtisadiyyatı deyil, bazardır. Bu bazara qarşı mübarizə aparmaq üçün korrupsiyaya qarşı mübarizə ilə bərabər, Rəqabət Məcəlləsi qəbul edilməli və haqsız rəqabətə qarşı mübarizə də gücləndirilməlidir. Hesab edirəm ki, Milli Məclis bu prosesə qoşulmalı, qanunvericiliyə bir də yenidən baxmalıdır. Haqsız, süni şəkildə qiymətlərin qaldırılması mütəşəkkil cinayətkarlığın bir növü kimi təsnifatlandırılmalı, lazımi səviyyədə cəzalandırılmalıdır. Bu prosesin qarşısını başqa cür almaq mümkün deyil. Məlumdur ki, uzunmüddətli dövrdə məhsuldarlığı qaldırmaq lazımdır.  Amma qısa müddətdə mütləq cəzaya getmək lazımdır ki,  heç olmasa, biri nümunə olsun, başqaları bu yolu davam etdirməsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hər vaxtınız xeyir! Cənab Sədr, mən çox qısa şəkildə 2 təkliflə çıxış eləmək istəyirəm. Birinci təklifim yaradıcı təşkilatlarda çalışan 1-ci qrup əlillərin pensiyalarının artırılması və Prezident təqaüdlərinin daimi xarakter alması ilə bağlıdır. Bəlkə biz bununla bağlı  Prezidentin qarşısında təşəbbüslə çıxış eləyək.
İkinci təklifim odur ki, qarşıdan 28 may gəlir. Yenə də biz  əfv fərmanının verilməsi ilə bağlı təşəbbüslə  çıxış eləyə bilərik. Mən qarşıdan gələn bayram münasibətilə sizi təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, bilirsiniz ki, may ayının 1-də Amerika Birləşmiş Ştatlarının antiterror qrupu tərəfindən dünyanın bir nömrəli terrorçusu sayılan “əl-Qaidə”nin lideri Üsamə Bin Ladenə qarşı əməliyyat keçirildi və o, qətlə yetirildi. Heç şübhəsiz ki, Azərbaycanın ictimai-siyasi dairələrində bu məsələyə birmənalı münasibət mövcuddur. Çünki biz hər zaman istər dini, istərsə etnik və milli zəmində, ya da ərazi ələ keçirilməsi ideologiyası adı altında terrorun həyata keçirilməsini birmənalı pisləmişik. Azərbaycan buna beynəlxalq miqyasda həyata keçirilən əməliyyatlarda da  öz töhfəsini veribdir.
Lakin açıq desək, bu hadisə fonunda artıq 5 günə yaxındır ki,  hər millət, hər dövlət onu hədəf seçən terrorçuları  gündəmə gətiribdir.  Bu mənada azərbaycanlıların da düşünməyə haqqı var ki, terrora münasibətdə beynəlxalq aləmdən birmənalı münasibət istəyən dairələr niyə Azərbaycanı hədəf seçən erməni terror qruplarına qarşı eyni münasibəti  göstərmirlər? Yaxud Üsamə Bin Ladeni tamam başqa bir qitədə, başqa bir məkanda qətlə yetirmək əməliyyatına haqq edənlər bu  hüququn Azərbaycana və digər dövlətlərə də aid olduğunu qəbul edirlərmi? Yəni istənilən terror qrupunu və ünsürünü  məhv eləmək üçün hər bir qitədə, hər bir məkanda belə əməliyyatı keçirmək mümkündürmü?
Başqa bir sual da daim Azərbaycan insanını düşündürür. Terror pislənməlidir, bu, birmənalıdır. Amma ərazi işğalı, təcavüzkarlıq ondan böyük cinayətdir. Kimsə beynəlxalq hüququ yanaşı qoyaraq müqayisə aparıb ərazi işğalını ondan kiçik bir məsələyə çevirməsin. “İndi dünyanın bir nömrəli hədəfindədir” – deyə biz terror məsələsini ərazi işğalından ön yerə çıxara bilmərik. Bizim ixtiyarımız var ki, eyni koalisiyanı, eyni beynəlxalq qruplaşmanı bu regionda işğalı həyata keçirən dairələrə qarşı gözləyək.
Mən elə hesab edirəm,  dünyada hazırkı məqamda yaşanan fikirlər müstəvisində Azərbaycan da bütün terror qruplarını hər il siyahıya alan Amerika Birləşmiş Ştatlarına və ya Qərb dövlətlərinə bir daha müraciət eləməlidir ki, bu qrupların milli və ya başqa səviyyədə fərqinə baxmadan hamısının adları o siyahıya salınsın. Mən elə hesab edirəm ki, bu, bütövlükdə dünyanın terror təhlükəsindən xilas olmasına ümumi töhfə ola bilər. Yoxsa “bu daha kiçik miqyaslı terrorçudur, amma başqaları dünyanın həyatına, bəşəriyyətə təsir eləyir” – deyə onu nömrələmək və ön yerə qoymaqla terrora bütövlükdə bir şər kimi qalib gəlmək çətin olacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, artıq ali məktəblərə qəbul imtahanları yaxınlaşır. Çox təəssüf ki, hər il Azərbaycanda tələbə qəbulu qaydalarına müəyyən düzəlişlər edilir. Biz “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu qəbul elədik. Ümumiyyətlə,  normativ sənədlər gərək çox sabit olsun, tez-tez dəyişilməsin. Hətta bu dəyişikliklər edilirsə, növbəti tədris ili üçün nəzərdə tutulsun.
Mən dünən APA.az-da hörmətli həmkarımız Abel müəllimin bir açıqlamasını oxudum və onu tam dəstəkləyirəm. Vaxtilə  biz də bu məsələləri parlamentdə qaldırmışdıq. Ola bilməz ki, iki dövlət təşkilatı bir-birinə etimadsızlıq göstərsin. Orta məktəbdə bir buraxılış imtahanı olsun və onun nəticələrinə uyğun olaraq da ali məktəblərə seçim edilsin. Bu  test üsulu ilə buraxılış imtahanını da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirsin.
Azərbaycanda heç kimə sirr deyil ki, hörmətli Məleykə xanım həmişə  bizim orta məktəblərdə tədris işinin yaxşı təşkil olunmadığını hamıya göstərməyə çalışır və buna görə də ildən-ilə bu test imtahanlarının sualları çətinləşdirilir. Bu nəyə gətirib çıxarıb? Mən vaxtilə bu tribunadan bu məsələləri səsləndirmişdim, indi də təkrar etməyi özümə borc bilirəm.
Azərbaycanda orta təhsil pulsuzdur, amma gəlin, bir deputat komissiyası yaradaq, bu məsələni araşdıraq. Bizim Elm və təhsil komitəsinin sədri hörmətli Şəmsəddin müəllim də burada əyləşib. Araşdıraq, görək  tələbələrin neçə faizi repetitorsuz orta məktəbi qurtarıb  institutlara daxil ola bilib? Hamı repetitor yanına gedir.
Oqtay müəllim, nəticədə biz nəyə nail olmuşuq? Biz əgər universitetin riyaziyyat fakültəsinin tələbələrindən Azərbaycanın tarixi,  ədəbiyyatı, incəsənəti ilə bağlı elementar şeyləri soruşsaq, onlar bunu bilməyəcəklər. Ona görə ki, onlar repetitor yanına gedirlər. Suallar çətin olduğu üçün çalışırlar ki, yalnız imtahan verəcəkləri fənlər üzrə bal toplaya bilsinlər. Biz məgər təkcə riyaziyyat müəllimi və yaxud təkcə ədəbiyyat müəllimi yetişdiririk? Gedin soruşun, ədəbiyyat müəllimlərinin də digər fənlərdən  3–4-cü siniflərin şagirdləri səviyyəsində məlumatları yoxdur. Ona görə də orta məktəblərdə orta səviyyəyə uyğun test suallarını  Təhsil Nazirliyi müəyyənləşdirməlidir. Bizim Respublika Prokurorluğunda çox gözəl bir ənənə var. Bilmirəm, son vaxtlar dəyişiblər, yoxsa yox, onlar min sual müəyyənləşdirirlər. Test imtahanı zamanı onların içərisindən yüz dənəsi seçilir. Ali məktəbdə də biz bu qaydada imtahan vermişik. Yəni əgər tələbə  min suala hazırlaşa bilirsə, qoy bu suallar üzrə hazırlaşsın, başqa hallara yol verilməsin. Biz yoxsul, orta təbəqənin taleyini fikirləşməliyik. Bu, valideynlərin büdcəsinə həddindən artıq ziyan vurur. Valideyn  uşağı təhsil ala bilsin deyə repetitora ayda 200–300 manat pul verir.
Sədrlik edən. Sağ olun. Mən sizin dediklərinizin bəziləri ilə razıyam. Əfsuslar olsun ki, biz sovet təhsil sistemindən tam imtina elədik. Ancaq o təhsil sistemində çox müsbət cəhətlər var idi. Bu məsələ ilə bağlı biz Şəmsəddin müəllimə müraciət edərik, yeni qanun layihəsinə baxmaq lazımdır. Azay Quliyev buyursun.
A.Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də təhsillə bağlı bir məsələyə toxunmaq istərdim. Məsələ burasındadır ki, orta məktəblərdə tədris olunan dərs yükü kifayət qədər çoxdur, kifayət qədər mürəkkəbdir. Biz bununla bağlı  valideynlərin də narazılığını  eşitmişik. Müstəqil ekspertlərin, qeyri-hökumət təşkilatlarının apardığı monitorinqlə şəxsən tanışam.
Belə bəlli olur ki, bu gün dərsliklərin əksəriyyəti bugünkü kurrikuluma uyğun gəlmir. Biz yeni sistemə keçid dövründəyik və tətbiq olunan kurrikulum, təbii ki, Azərbaycan təhsilinin yeni inkişaf mərhələsini təmin etməlidir. Amma qüsurlar göz qabağındadır.
Digər bir məsələ dərsliklərin məzmunu ilə materialın həcmi arasında qeyri-mütənasibliklə bağlıdır. Məsələn, I–III siniflər üçün riyaziyyat dərsliklərində həndəsi cisimlər haqqında verilmiş məlumatların yersiz çoxluğu hesablama vərdişlərinin yaddan çıxarılmasına səbəb olur. Bəzən isə şagird birini mənimsəməmiş o birinə keçir. Bütün  riyaziyyat dərsliklərində əyləncəyə daha çox yer verilir. Ona görə də şagirdlərdə tez hesablama vərdişləri yaranmır. Mən bunu digər fənlərə də aid edə bilərəm.
Digər bir məsələ yeni kurrikulumdan istifadə fənlərinin sayının kitabların həcminə uyğun olub-olmaması ilə bağlıdır. Belə bir sual ortalığa çıxır, ümumiyyətlə, yeni kurrikulum bu fənlərin sayını azaltmalı, yoxsa çoxaltmalıdır. Məsələn, Rusiya Federasiyasında I–II siniflərdə cəmi 6 fənn tədris olunur. Qardaş Türkiyə Cümhuriyyətində bu fənlərin sayı 7-dir, amma Azərbaycanda istisnasız ibtidai təhsil pilləsində 9 fənn tədris olunur. Hesab edirəm, bu fənlərin də bir daha sıralanmasına baxılmalıdır və uşağın bu yükü nə qədər çəkib-çəkməməsinə, fənlərin tədrisini mənimsəyib-mənimsəməməsinə aydınlıq gətirilməlidir.
Hətta bilirsiniz, bu gün həmin dərsliklərin  sayı o qədər çoxdur ki, bir uşaq cüssəsindən asılı olmayaraq məktəbli çantasını daşıyıb apara bilmir. Hesab edirəm ki, bu həm bütövlükdə tədrisin özünə, həm uşağın psixikasına, sağlamlığına, həm də vətəndaş kimi formalaşmasına mənfi təsir göstərir. Biz  bir neçə aydan sonra yeni tədris ilinə qədəm qoyuruq. Çox istərdim ki, müvafiq qurumlar, bizim komitənin üzvləri bu məsələyə diqqət ayırsınlar və biz bu problemi bir daha müzakirə edək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə istəyirəm, ciddi bir problemlə bağlı danışım. Çox sayda insan hələ də mənzil növbəsindədir, gözləyirlər. 23 ildən artıqdır ki, Xəzər Dəniz Gəmiçiliyinin 4 saylı yataqxanasında  yüzlərcə insan 15  kvadratmetrlik mənzil sahəsində yaşayır. Nə qədər böyük iqtisadi inkişafdan danışsaq da, konkret vətəndaşın problemi həll olunmursa, bu, inkişafın üzərinə də kölgə salır. Dəfələrlə yeni binanın tikilməsi ilə bağlı vədlər verilsə də, onlar müxtəlif vasitələrlə başqa qurumlara verilib. Vətəndaş 23 ildir, 15 kvadratmetrlik mənzil sahəsində yaşayır. Bu, ciddi diqqət yetirilməli məsələlərdən biridir.
Amma mən bunu faciəyə çevirmək istəmirəm, çünki başqa bir fakt məni artıq düşünməyə məcbur elədi. Tariximizə bəslədiyimiz münasibət elə bu günümüzə bəslədiyimiz münasibətin eynisidir. Tez-tez bu barədə mətbuatda da yazılır, bizə də müraciət olunur. Fəxri xiyabanda ayrı-ayrı bolşeviklərin qəbirləri üzərində yazılıb ki, müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.
Biz tez-tez deyirik ki, erməni təbliğatı çox güclü işləyir. Xeyr, çox zəif işləyir. Məsələn, erməni təbliğatı güclü işləsə idi, dünyaya yayardılar ki, bu dövlət özünü 1918–1920-ci illərin varisi hesab edir. Bu dövləti quranlar müsavat cəlladlarıdır, onlar öz əqidələrinə görə başqa insanları vəhşicəsinə öldürüblər. Dəfələrlə məsələ qaldırırıq ki,  hökm deyil ki, Əli Bayramovun qəbri Fəxri xiyabanda olsun. Hörmətlə başqa yerdə dəfn eləyin, qəbrin üstündən də o yazıları götürün. Tarixə bu cür sayğısızlıq olmaz. O insanlar necə cəllad sayıla bilərlər? Onların hamısı Azərbaycanın parlaq ziyalıları, Azərbaycanın düşünən insanları olublar. Bu gün bu parlamentdə oturan insanlar üçün dövlət qurub gediblər. Bu qədər uzun müddət bunu diqqətsiz saxlamaq olmaz. Dəfələrlə ayrı-ayrı beynəlxalq təşkilatlara müraciətlər olunur ki, belə faktlar var, ayrı-ayrı deputatlara...
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  3 dəqiqə. Biz axı dedik, diqqətlə qulaq asmamısınız. Biz çıxışların dəqiqəsini yox, müzakirənin vaxtını uzatdıq. İqbal Ağazadə.
İ.Ağazadə. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Bu il Azərbaycan müstəqilliyinin bərpasının 20 ili tamam olur. 20 il Azərbaycan tarixi üçün çox böyük rəqəmdir. 20 ildir ki, bütün çətinliklərə, ağrı-acılara baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi yaşayır. Qarşıdan 28 may tarixi gəlir. Azərbaycan Cümhuriyyəti 1918-ci il 28 mayda elan olunub. Hesab edirəm ki, 20 illik bir dönəmdə Azərbaycan cəmiyyətinin barışa, sülhə, vətəndaş münasibətlərinə, hakimiyyət və siyasi partiyalar arasındakı münasibətin yeni mərhələsinə ciddi ehtiyac var.
Bunun üçün də təklif edərdim ki, Azərbaycan Respublikasının Milli Məclisi ya özü bunu etsin, ya da cənab Prezidentə müraciət etsin və 28 mayda Milli Məclisdə böyük amnistiya aktının müzakirəsi gerçəkləşsin. Həm həbsdə olan jurnalist Eynulla Fətullayev, həm siyasi məhbus kimi  beynəlxalq təşkilatlar tərəfindən tanınan Ruslan Bəşirli, həm də 2 aprel mitinqində Arif Hacılı başda olmaqla həbs olunan digərləri bu amnistiya aktına salınsınlar. Azərbaycanda barışın, vətəndaş sülhünün yeni bir mərhələsi başlasın. Siyasi partiyalar və iqtidar-müxalifət arasında ictimai-siyasi münasibətlər yeni bir mərhələyə qədəm qoysun.
Hər bir xalqın tarixində kəşməkəşli dövrlər olur. Hesab edirəm ki, bu qarşıdurmaları, bu münasibətlərdəki qeyri-dəqiqliyi, həbsləri və sair bu kimi hadisələri 28 mayda – Azərbaycan Cümhuriyyətinin  20 illiyində  hamımız unudub yeni bir tarixə başlamalıyıq. Çox xahiş edirəm, 28 maya qədər belə bir qanun layihəsi Milli Məclisə təqdim edilsin. Bu, cəmiyyətimiz üçün çox vacibdir. Bu, vətəndaşların dövlətə, dövlətin vətəndaşlara, o cümlədən siyasi təşkilatların bir-birinə münasibətində yeni bir dönəmin başlanğıcı olacaq.
Sonra, hesab edirəm ki, ayın 15-də büdcəyə yenidən baxılması təklif olunacaq. Həmin dönəmdə də 20 illik münasibətilə Siyasi partiyalar haqqında yeni qanun layihəsi qəbul olunsun. Siyasi partiyaların cəmiyyətdəki yeri və rolu nəzərə alınaraq onların dövlət tərəfindən maliyyələşdirilməsi bu il büdcədə nəzərdə tutulsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də bu həftə dünyanın gündəmində olan bir nömrəli məsələyə – terrorçu adlandırılan Bin Ladenin ölümünə  toxunacağam. Bildiyiniz kimi, həm ABŞ Prezidenti, həm də Amerikanın ölkəmizdəki səfiri cənab Metyü Brayze bunu bütün dünyada bayram kimi qiymətləndirdilər. Eyni zamanda, Azərbaycanda da buna bu cür yanaşılmasını istədilər. Doğrudan da, əgər bir adam dünyanın bir nömrəli terrorçusudursa,  onun ölümü  bütün dünyada bayram kimi qiymətləndirilə bilər. Amma məsələ burasındadır ki, bu ölümə yanaşmada müxtəlif tərəddüdlər var. Tərəddüdlər də bununla bağlıdır ki, əgər Bin Laden öldürülməli idisə, niyə heç bir fəaliyyət göstərmədiyi dövrdə öldürüldü? Ümumiyyətlə, öldürülən Bin Ladendirmi? Əgər bir terrorçu öldürülürsə, nə üçün digər terrorçular hakimiyyət başındadırlar?
Söhbət, təbii ki, qonşu Ermənistandan gedir. Heç kəsə sirr deyil ki, hazırda Ermənistandakı hakim elitanın təmsilçilərinin böyük əksəriyyəti Azərbaycan ərazisində törədilən terror aksiyalarının fəal iştirakçıları və istiqamətləndiriciləridir. Eyni zamanda, o da sirr deyil ki, Ermənistanda beynəlxalq terrorçu kimi qiymətləndirilən adamların  məzarları belə artıq rəsmi səviyyədə ziyarətgah yerinə çevrilir. Belə bir fakt ortada olduğu üçün Azərbaycanda Bin Ladenin ölümünə birmənalı yanaşma olur. Təbii ki, Azərbaycan terrordan ən çox əziyyət çəkən bir dövlət kimi hər yerdə terrorun qarşısının alınmasını istərdi. Amma bir yerdə terrorçu öldürülür, digər yerdə isə terrorçuya qarşı heç nə deyilmirsə, bu, təəssüf doğurur.
Mən sonda bir məsələyə də diqqət yetirmək istəyirəm. Məhz ikili standartın, başqa terrorçulara dözümlü yanaşmanın nəticəsidir ki, Ermənistan son zamanlar muzdlu terrorçu snayperləri hərbçi adı altında ön xəttə yerləşdirir. Bu haqda da məlumatlar var. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y.Mahmudov. Hörmətli millət vəkilləri, mən elm adamlarının, xüsusilə Milli Elmlər Akademiyasının alimlərinin müraciətini nəzərə alaraq, onların  minnətdarlığını, xoş arzularını yetirmək üçün çıxış edirəm. Aprelin 26-da ölkəmizin başçısı Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında oldu. 2 saata qədər alimlərin arasında oldu. Akademiyadakı çox parlaq çıxışında ölkəmizin başçısı elmə xüsusi qiymət sərgilədi və gələcəkdə elmin təhsillə, istehsalatla sıx əlaqədə inkişaf etməsi üçün öz direktiv göstərişlərini verdi. Alimləri ölkəmizin intellektual potensialı adlandırdı.
Qürur hissi keçiririk ki, alimlərin, xüsusilə tarixçilərin əməyinə yüksək qiymət verildi. Son zamanlar erməni təbliğatına qarşı nəşr olunan İrəvan xanlığının, Qarabağın tarixinə həsr olunmuş əsərlərimizi xüsusi qiymətləndirdi və bu sahədə işlərin daha da canlandırılması barədə göstəriş verdi. Alimlərimizin əmək haqları artırıldı. Alimlərimizə yenidən əsaslı şəkildə təmir olunmuş gözəl bir bina bəxş elədi, akademiyada aqrar bölmənin yaradılması barədə müvafiq göstərişlər verdi. Qeyd etmək istəyirəm ki, bütün bunların hamısı ölkə başçısının ermənilərə qarşı informasiya  müharibəsinə hücum mövqeyinin nəticəsidir. Bu mübarizəyə onun başçılıq etməsinin nəticəsidir.
Mən burada xüsusi olaraq səsləndirmək istəyirəm ki, artıq Ermənistanın cəllad rəhbərliyi, xüsusilə hərbi naziri bu günlərdə çıxış edərək Azərbaycanda  mədəniyyət tarixi sahəsində aparılan araşdırmaları ermənilərin dövlətçiliyi, milli təhlükəsizliyi üçün ciddi zərbə hesab etdi və öz ölkəsini bu sahədə səfərbərliyə çağırdı. Bütün bunların hamısı elmə verilən qiymətin nəticəsidir. Azərbaycan Prezidentinin informasiya müharibəsinə uğurlu rəhbərliyinin, tədqiqatlarımıza verdiyi böyük qiymətin nəticəsidir. Mən buradan Milli Elmlər Akademiyasının bütün alimlərinin, akademiklərinin, müxbir üzvlərinin Prezidentə ən səmimi minnətdarlığını, “sağ ol”unu yetirmək istəyirəm. Bildirmək istəyirəm ki, bu müqəddəs müharibədə alimlər, tarixçilər həmişə Prezidentin yanındadırlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də bütün həmkarlarımın dediklərinə qoşuluram və bayramlar münasibətilə hamını  təbrik edirəm. Gündəliyə səs verəcəyəm.
Burada bir neçə çıxış oldu, bununla əlaqədar öz fikrimi bildirmək istəyirəm. Bilirsiniz, hərdən amnistiya ilə əfv fərmanını səhv salırlar. Amnistiya, ümumiyyətlə, maddələrə,  çox zaman da yüngül maddələrə tətbiq olunur. Yaxud da müəyyən müddətin keçmişinə, azyaşlı uşaqlara tətbiq olunur. Bu və ya digər şəkildə ciddi cinayət törətmiş şəxslərin heç biri hər hansı bir dünya ölkəsində amnistiya aktının predmeti olmur.
Digər tərəfdən, əgər insanlar öz səhvlərini başa düşüblərsə, etiraf eləyiblərsə, islah olunublarsa, onlar cənab Prezidentə müraciət edirlər. Cənab Prezident də məsləhət bilirsə, əfv fərmanı ilə bu insanları  azad eləyir, məsləhət bilmirsə, onlar cəzalarını çəkməyə davam edirlər. Əgər kimsə ermənidən pul alıbsa və onu pul almağa göndərən ona siyasi məhbus adı qoyursa, bu adam siyasi məhbus deyil, vətən xainidir. İstər jurnalist, istərsə də alim olsun, kim olur-olsun, vətənin, dövlətin, dövlətçiliyin əleyhinədirsə, bu adam öz cəzasını çəkməlidir, vətənə xəyanətə görə məsuliyyətə cəlb olunmalıdır.
İkinci bir tərəfdən, Azərbaycan cəmiyyətində çox böyük həmrəylik var. O həmrəylik Azərbaycan Prezidenti ilə xalqın, Azərbaycan cəmiyyəti ilə dövlətin arasındadır. Kimlərsə öz aralarında həmrəy ola bilmirsə, biz bunlardan ötrü  həmrəylik yaratmalıyıq? Dəfələrlə müraciət olunub ki, bəli, biz istənilən şəxslərlə dialoq aparmağa hazırıq və dövlət də, cəmiyyət də buna hazırdır.
Bu gün parlamentdə təmsil olunan siyasi partiyalar arasında çox yaxşı həmrəylik var. Tədbirlərdə iştirak edirlər, öz təkliflərini verirlər, tənqidlərini edirlər. Hər şey öz qaydasındadır. Kimsə özünü  qırağa çəkibsə, cəmiyyətdən, dövlətdən kənarda durubsa və heç bir perspektivi də yoxdursa, o özünü cəmiyyətdən yuxarı tutmaq istəyir. Guya cəmiyyətin aparıcı qüvvəsidir ki, həmrəylik istəyir. Millətlə dövlət arasında həmrəylik var da. Bunu Prezident, parlament, bələdiyyə seçkiləri göstərib. İnsanların dövlətə verdiyi dəstək göz qabağındadır. Kimlər ki cəmiyyət tərəfindən boykot olunub və cəmiyyət onları lazımsız bir şey hesab edir, artıq o adamlar özləri haqqında fikirləşsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı. 
M.Qasımlı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə məsələ barədə öz mülahizələrimi tezis formasında bildirmək istəyirəm. Birinci, məlum olduğu kimi, hər bir xalqın, ölkənin inkişafında, tərəqqisində başlıca amillərdən biri onun elm və təhsilidir. Bu baxımdan cənab Prezidentimizin Milli Elmlər Akademiyasının illik yığıncağında iştirakı, etdiyi nitqi, alimlərimizin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzaladığı sənədlər və nəhayət, AMEA-nın kitabxanası üçün binanın ayrılması barədə qərar müstəsna əhəmiyyətə malikdir. Hesab edirəm ki, cənab Prezidentin bu çıxışı və qəbul edilən qərarlar Azərbaycan elminin istehsalatla, universitet auditoriyaları ilə sıx əlaqəsinin yaradılmasında və ölkəmizin inkişafında mühüm rol oynayacaq. Bu, eyni zamanda, elmi araşdırmaların aparılmasına, keyfiyyətli dissertasiya işlərinin yazılmasına təsir edəcək. Fikrimcə, bu bizim elmimizin inkişafında yeni bir mərhələ açır.
İkinci toxunacağım məsələ müstəqilliyimizin 20 illiyi ilə bağlıdır. 20 il böyük zaman baxımından çox qısa bir müddətdir, amma Azərbaycan bu 20 ildə bir sıra ölkələrin 100 ildəki inkişaf yolunu keçdi. Mən məhz bu baxımdan jurnalistlərimizə müraciət eləmək istəyirəm. Azərbaycan kimi həssas bir məntəqədə yerləşən ölkədə milli birlik, vətəndaş həmrəyliyi çox vacibdir. Ona görə mən hansı cəbhədə, hansı yerdə olmasından asılı olmayaraq parlament jurnalistlərini xalqı bütövləşdirən, birləşdirən məsələlərə, məqamlara  xüsusi diqqət ayırmağa çağırıram və onlardan bunu xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli cənab Sədr, hörmətli Milli Məclis! Mən də bir-iki məsələyə toxunmaq istəyirəm. Amma  bu məsələlərə toxunmazdan öncə, Oqtay müəllim, demək istəyirəm ki, vaxtilə burada elə Sizin başçılığınızla bir ənənə yaranmışdı. Bu yarım saatlıq müzakirədə deyilən fikirlər ünvanlarına göndərilirdi. Müəyyən cavablar da gəlirdi. Amma biz indi yarım saat ölkədəki müxtəlif problemlər haqqında danışsaq da, burada qalır. Yəqin ki, stenoqrama düşür, amma  bunun nəticəsi nə olur? Elə çıxır ki, Milli Məclis, sadəcə, elə  ürəyini boşaldır və bununla da məsələ bitir. Deyək ki, ictimai rəy bir yana, amma ünvanına söz deyilən rəsmi dövlət idarələrindən heç  bir cavab gəlmirsə, bizim sözümüz ancaq elə söz olaraq qalırsa, onda bu müzakirəyə nə ehtiyac var? Yox, əgər bunun bir nəticəsi olacaqsa, onda mənə elə gəlir ki, bunun müəyyən bir rəsmi forması tapılmalıdır.
İkinci, bu yaxınlarda seçicilərim mənə müraciət ediblər. Biz Milli Məclisdə dəfələrlə, xüsusən hökumətin hesabatında və büdcənin müzakirəsində Azərbaycanda kənd təsərrüfatının inkişafının nə qədər zəruri olduğunu demişik. Ölkə başçısı da neft amilindən sonra Azərbaycanın hansı potensiala söykənəcəyi məsələsini dönə-dönə vurğulayıb. Kənd təsərrüfatı bizim əbədi yaşayış mənbəyimizdir.
Mən Yardımlı rayonunu gəzmişəm. Bu il dağlarda, demək olar ki, bir hektar əkin sahəsi yoxdur. Düzdür, son vaxtlar Yardımlıya yol, qaz çəkildi, müəyyən işlər görüldü. Amma insanların iş yeri yoxdursa, kəndlərdə qala bilmirlər. Məncə, dağ rayonları haqqında ayrıca bir proqram barədə düşünülməlidir. Bölgələr haqqında proqram var, amma bu dağ rayonlarının vəziyyəti hamımızı ciddi şəkildə narahat etməlidir. Əhalisinə və ərazisinə görə Yardımlıdan da kiçik olan rayonlarda idman qurğuları,  sənaye müəssisələri tikilir, iş yerləri açılır. Bu, Allahın qarğanmış bir rayonudur. Sovet dövründə də bu rayona elə bir ciddi diqqət yox idi. İndi də  sənaye müəssisəsi yox, iş yeri yox. Ancaq elə dövlət idarələri var və onunla da əhalini saxlamaq mümkün deyil. Ona görə mən çox istəyirəm,  əlaqədar idarələr, İqtisadi İnkişaf Nazirliyi bu rayonun vəziyyətini nəzərə alsınlar və ora bir az diqqət artırılsın.
Bir də, mən bu yaxınlarda Sankt-Peterburqda idim. Orada bizim   konsulla əhali arasında ciddi münaqişə yaranıb. O münaqişə hökmən aradan qaldırılmalıdır. Elə bilirəm ki, ora hökmən Azərbaycanı layiqincə təmsil edə bilən bir konsul göndərilməlidir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabir müəllim, dediniz ki, Milli Məclisdə bir ənənə var idi, burada qaldırılan bəzi aidiyyəti suallara cavab verilirdi. Ancaq bu o demək deyil ki, müzakirələrdə səslənən hər bir çıxışı Milli Məclis harasa yazıb göndərməlidir.
Sizin köməkçiləriniz var, özünüz müraciət edə bilirsiniz. Biz kargüzarlıq işini görmürük ki. Biz burada qaldırılan,  bizə aid olan sualların hamısının cavabını veririk. Yəni burada vermirik ki, debat yaranmasın. Hər millət vəkilinin öz  işi var, işi ilə məşğul olsun. Mən hesab edirəm ki, artıq 45 dəqiqədir müzakirə edirik, kifayətdir. 
Azərbaycan parlamenti yeni bir beynəlxalq parlament təşkilatının üzvü olub. Mən istəyirəm, Ziyafət müəllimə söz verim, bu barədə bizə qısa məlumat versin. Buyurun.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bilirsiniz ki, may ayının 2–3-də Azərbaycan parlamentinin nümayəndə heyəti Brüssel şəhərində oldu. Brüsselə getməkdə məqsəd Avronest Parlament Assambleyasının yaradılması idi. Avronest Parlament Assambleyasının yaradılmasının əsas təşəbbüskarlarından biri Avropa İttifaqıdır.
Belə qərara gəlindi ki, keçmiş sovet respublikaları – Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna Şərqi Avropa ölkələrinin davamı kimi bu prosesə cəlb olun-sunlar və bu ölkələrdə baş verən proseslər bilavasitə Avropa İttifaqı ilə əlaqələndirilsin, onlara nə kömək lazımdırsa, edilsin, problemləri Avronest Parlament Assambleyasında müzakirə olunsun. Burada əsas məqsəd ondan ibarətdir ki, bu ölkələrdə gedən proseslərə, islahatlara, energetika ilə bağlı məsələlərə yardım olunsun.
Mayın 3-də bu Avropa İttifaqının himayəsi və parla-mentin sədri cənab Yerzi Buzekin  iştirakı ilə 5 dövlət tərəfindən təsis sənədi imzalandı. Eyni zamanda, 4 komitə yaradıldı. Bunlar Enerji təhlükəsizliyi, Siyasi məsələlər, in-san hüquqları və demokratiya üzrə, İqtisadi inteqrasiya, AB-yə hüquqi yaxınlaşma və AB-nin siyasətləri ilə uyğunluq, Sosial məsələlər, təhsil,  mədəniyyət və vətəndaş cəmiyyəti komitələridir. Deməli, Azərbaycandan deputat Fuad Mura-dov Enerji təhlükəsizliyi komitəsinin sədri, professor Asim Mollazadə isə Siyasi məsələlər, insan hüquqları və demok-ratiya üzrə komitə sədrinin müavini seçildi. Bir də, Sosial məsələlər, təhsil, mədəniyyət  və vətəndaş cəmiyyəti komitəsinə bizim hörmətli deputatımız Azay Quliyev seçil-di. Demək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti təşkil olunmuş strukturlarda kifayət qədər yer ala bildi.
Onu da demək istəyirəm ki, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovdur. Elxan müəllim  bu proseslərdə çox fəal iştirak edir. Elxan müəllim Avronest Parlament Assambleyası bürosunun üzvü seçildi. Bu büro nə deməkdir?  Avronest Parlament Assambleyasının plenar iclaslarına çıxarılacaq bütün məsələlər əvvəlcə büroya gəlir, orada baxılır və yalnız bundan sonra  Avronest Parlament Assambleyasında müzakirə olunur.
Orada cənab Buzeklə görüşümüz oldu, xeyli söhbət etdik. Yeri gəlmişkən, deyim ki, cənab Buzekin bu yaxınlarda Bakıya səfəri gözlənilir.
Biz ona Azərbaycan və ümumiyyətlə, Azərbaycan–Ermənistan münaqişəsi barədə xeyli məlumat verdik. Onu Azərbaycanın coğrafi mövqeyi, enerji resurslarının Avropaya daşınması ilə bağlı xeyli məsələlər maraqlandırırdı. O həm də maraqlandı ki, Azərbaycanın neft və qaz ehtiyatları uzun müddət Avropa ölkələrini təmin edə bilərmi? Mən də bizim hörmətli akademikimiz, çox hörmət etdiyim Xoşbəxt Yusifzadəyə istinad etdim. Dedim ki, ən azı 100 il neftlə, 150 il isə qazla təmin edə bilər. Həm də qeyd etdim ki, hələ bu bi-zim təsdiq olunmuş ehtiyatlarımızdır. Bundan sonra da ya-taqlar kəşf olunacaq və biz avropalı dostlarımıza enerji təhlükəsizliyi ilə bağlı nə lazımdırsa, edə bilərik. Təxminən bu qədər. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, müzakirəni sona çatdırmaq lazımdır. Məlahət xanım, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
M.İbrahimqızı. Çox sağ olun. Hörmətli Oqtay müəllim, mənim sualım Sizədir. Deməli, bu günlərdə mətbuatda da qeyd olunduğu kimi, Siz Qazaxıstanda TürkPA-nın növbəti sessiyasında iştirak etmisiniz. Mətbuatdan oxuduq ki, bu səfəriniz çox yüksək səviyyədə keçibdir. Azərbaycanın TürkPA-ya rəhbərlik etdiyi dövr çox yüksək qiymətləndirilib və orada çox maraqlı görüşləriniz olub. Ona görə çox xahiş edərdik ki, səfər barəsində qısa da olsa, millət vəkillərinə məlumat verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi vaxt azdır, gələn dəfə məlumat verərik.
Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (om-budsman) haqqında” Azərbaycan Respublikasının Konstitu-siya Qanununa dəyişiklik edilməsi barədədir. Təkrar səsvermədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu-ruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Əslində, təqdim edəcəyim xüsusi bir şey yoxdur, çünki layihə millət vəkillərinə paylanıb. Biz bu gün, sadəcə, Konstitusiyaya uyğun olaraq ikinci səsverməni keçirməliyik. Millət vəkillərindən diqqətli olmağı xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Bilirsiniz, bu, Konstitusiya qanunudur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  110
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci məsələ Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədədir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları ilə bağlıdır. Bilirsiniz ki,  məhkəmə-hüquq islahatlarının bir elementi kimi inzibati məhkəmələr yaradılmışdır. Bu inzibati məhkəmələr hal-hazırda ayrılıqda yox, inzibati iqtisadi kollegiya formasında fəaliyyət göstərir. Məhz bu baxımdan da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr olunan 43-cü və 5-ci maddələrdən “Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi” sözləri çıxarılır. Çünki inzibati iqtisadi məhkəmələr artıq ixtisaslaşdırılmış məhkəmələr anlayışına daxildir.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında hakimlərin təyinatı ilə bağlı prosedur qanunvericiliyə uyğun olaraq yeniləşir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 52-ci maddəsinə müvafiq olaraq “Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə apellyasiya instansiyası məhkəməsidir”. Apellyasiya instansiyası məhkəmələrinin hakimləri isə bilirsiniz ki, cənab Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin edilir. Ona görə də Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44 və 45-ci maddələri yeni redaksiyada verilir. Beləliklə, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi  və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir”. İndiyə qədər olan prosedur isə belə idi ki, Naxçıvan Ali Məclisinin sədrinin təklifi ilə cənab Prezident təyin edirdi. Dediyim kimi, artıq bu prosedur dəyişib.
Eyni zamanda, 45-ci maddədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir. Burada da qeyd etdiyim kimi, “Naxçıvanın İqtisad Məhkəməsi” sözləri çıxarılır, çünki artıq bu məhkəmələr yoxdur. Yəni nə Azərbaycan İqtisad Məhkəməsi var, nə də Naxçıvan İqtisad Məhkəməsi. Artıq ixtisaslaşdırılmış məhkəmələr fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan bu dəyişikliklər  artıq “Məhkəmələr və hakimlər haqqında” Qanunda öz əksini tapmış müddəalardır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlyas İsmayılovun sualı var, buyursun.
İ.İsmayılov. Təşəkkür  edirəm, Oqtay müəllim. Keçən səfər bu layihə müzakirə olunanda mən iki arzumu bildirmişdim. O arzularımın heç biri nəzərə alınmadı, heç ona izahat da verilmədi. Onlar nədən ibarət idi? Birincisi, Naxçıvan Ali Məclisinin sədri insanların ayrı-ayrı vəzifələrə  təyin olunmasına, əfvə dair və sair təkliflər verir. Mən demişdim ki, bu təklifin  Konstitusiyamızın 109-cu maddəsində olduğu kimi, kimə və hara verilməsi göstərilməlidir.
İkincisi, 43-cü maddənin III bölməsində yazılır ki, məhkəmə hakimiyyəti Azərbaycan Respublikasının Konstitusiyası, mülki və cinayət məhkəmə icraatı vasitəsilə həyata keçirilir. Bizdə artıq inzibati məhkəmələr yaranır, İnzibati Xətalar Məcəlləsi fəaliyyətdədir. Ona görə burada inzibati xətalar  məhkəmə icraatı da nəzərdə tutulmalıdır. Bu nə nəzərdə tutuldu, nə də bir izahat verildi. Sağ olun.
Sədrlik edən. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli millət vəkilləri! Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında  qanun layihəsi, hesab edirəm ki, ölkəmizdə Konstitusiya yaradıcılığı istiqamətində atılmış mühüm addımlardan biridir. Eyni zamanda, bu yığcam qanun layihəsində öz əksini tapan müddəalar geniş mənada ölkəmizdə hüquqi dövlət quruculuğunun daha da möhkəmlənməsinə xidmət edir.
Bu Konstitusiya layihəsində ümumi və ixtisaslaşdırılmış məhkəmələrə birinci instansiya məhkəmələri statusunun verilməsi həm də ölkəmizdə məhkəmə-hüquq islahatlarının genişlənməsinə daha bir sübutdur.  Naxçıvan Muxtar Respublikasının məhkəmələrinə birinci instansiya məhkəmələri hüququnun verilməsi bu sahədə atılmış əhəmiyyətli addımlardan biridir.
Hesab edirəm ki, Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşmış məhkəmələrinə birinci instansiya məhkəmələri statusunun verilməsi prokurorluq orqanları ilə məhkəmə qurumları arasındakı fəaliyyətin və səlahiyyətlərin uzlaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, qanun layihəsində aydın şəkildə öz əksini tapıb ki, Naxçıvan Muxtar Respublikası məhkəmələrinin hakimləri Ali Məclis sədrinin təklifi əsasında ölkə Preziden-tinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. Bu isə o deməkdir ki, qanun layihəsində Ali Məclis sədrinin kimə təklif verdiyi məsələsi öz əksini tapmışdır.
Bütün bunlar bütövlükdə ölkəmizdə məhkəmə-hüquq islahatlarının genişləndiyini, zamana uyğun olaraq təkmilləşdiyini aydın şəkildə nümayiş etdirir. Bu da son nəticədə məhkəmə və hüquq mühitində qaldırılan məsələlərin, gündəliyə çıxarılan problemlərin ədalətli və obyektiv şəkildə öz həllini tapmasına lazımi köməklik göstərə biləcəkdir. Mən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişiklikləri yüksək qiymətləndirirəm və bu qanun layihəsinə səs verməyi vacib sayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, bu, vacib olan bir dəyişiklikdir. Burada məndən əvvəl çıxış edən hörmətli İsa müəllim də qeyd elədi ki, Naxçıvanda məhkəmələrin müxtəlif  instansiyalarının olması, doğrudan da, blokada şəraitində yaşayan əhalinin bir çox problemlərinin həll olunmasına xidmət edir. Vaxtilə hər hansı bir cinayət hadisəsinə görə Bakı şəhərinə məhkəməyə gəlirdilərsə, artıq bu məsələ yerində həll olunur. Konstitusiya Məhkəməsinə və bir də, Ali Məhkəməyə kassasiya qaydasında müraciətdən başqa digər hallar artıq yerdə öz həllini tapır.
Bu, blokada şəraitində yaşayan əhali üçün çox vacibdir. Bilirsiniz ki, onlar yalnız hava nəqliyyatından istifadə edirlər və Bakıya gəlməkdə çox çətinlik çəkirlər. Onların ailə üzvləri də çətinlik çəkirdilər, proseslərdə iştirak edə bilmirdilər. Ayrı-ayrı şahidlərin gətirilməsi, aparılması prosesi xeyli çətinliklər yaradırdı. Bunun Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında əksini tapması vacib məsələlərdən biridir.
Burada Naxçıvan Ali Məclisinin sədrinə aid bir sual da səsləndi. Naxçıvan Ali Məclisi sədrinin səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında açıq şəkildə göstərilib. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyasında göstərilib. Bəllidir ki, əfv, təyin, təltif etmək və sair səlahiyyətlərin hamısı Prezidentə aiddir. Bu səpkidə hər hansı müraciət  avtomatik şəkildə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmalıdır. Yaxud da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunvericilik  təşəbbüsü ilə çıxış edəndə aydındır ki, Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etməlidir. Yəni onları təkrarən orada göstərməyin, mən elə bilirəm ki, heç bir əhəmiyyəti yoxdur. Bu baxımdan da, hesab edirəm, çox məqbuldur. Deputat həmkarlarımdan bu qanun layihəsinə səs verməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən deputat həmkarım İlyas İsmayılovun bildirdiyi iradı müdafiə edirəm və onu haqlı sayıram.  Oqtay müəllim, mən bu Konstitusiya qanunu birinci oxunuşda müzakirə olunanda da məsələ qaldırdım. Hörmətli Ziyafət müəllim də yanınızda əyləşib və konstitusiya üzrə mütəxəssisdir. Mən o zaman söylədim ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının tərkib hissəsidir və onunla ziddiyyət təşkil etməməlidir.
Bizim Konstitusiyaya görə Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir. Mən qeyd elədim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri həm də ali vəzifəli şəxs kimi icra funksiyalarını yerinə yetirir. Elə bax indi etdiyimiz əlavə və dəyişiklikləri götürək. İqtisadi inzibati məhkəmələrin üzvlərinin sədrləri ilə bağlı təqdimatların verilməsi və sair. Başqa icra funksiyalarını yerinə yetirir. Mən bilirəm, burada fikir söyləyə bilərlər ki, Naxçıvan Muxtar Respublikasının başçısı, yaxud da prezidenti institutunun yaradılması, əlavə binanın tikilməsi, işçi götürülməsi əlavə xərcdir. Amma bu xərclərə baxılmamalıdır. Biz Konstitusiyamıza hörmət etməliyik və Konstitusiyaya da uyğun olaraq Naxçıvanda hakimiyyət bölgüsü həyata keçirilməlidir.  
Naxçıvan muxtar respublikadır. Bu muxtar respublikanın başçısı, onun aparatı olmalıdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi də ayrıca bir qurum kimi fəaliyyət göstərməlidir. Ona görə də mən xahiş edirəm ki, bu məsələyə belə barmaqarası baxmayaq. Bu məsələnin üstünə qayıtmaq lazımdır. Yox, əksini düşünürsünüzsə, çox istərdim ki, hörmətli Ziyafət müəllim bu məsələyə aydınlıq gətirsin və fikrini bildirsin. Sağ olun. 
Sədrlik edən. Ziyafət müəllim, Qüdrət Həsənquliyevin arzusu var ki, Siz cavab verəsiniz.
Z.Əsgərov. Böyük məmnuniyyətlə cavab verim. Əvvəla, Qüdrət müəllim, bir məsələni deyim ki, 1995-ci ildə Konstitusiya qəbul olunanda bu məsələ min dəfə ölçülüb, bir dəfə biçilib. Dəfələrlə də bu barədə izahat verilib. Ondan başlayım ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası işlənib hazırlanarkən birinci növbədə 1921-ci ildə qəbul olunmuş Qars müqaviləsi əldə rəhbər tutulub. Bu, beynəlxalq müqavilədir və bu günə kimi heç kim Qars müqaviləsini ləğv etməyib.
İkinci məsələ. Hazırda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının mətni  Azərbaycan Respublikasının Konstitusiyasının  mətni  ilə heç bir ziddiyyət təşkil etmir. Burada bir hal var ki, Naxçıvan Muxtar Respublikasının geostrateji mövqeyini nəzərə alaraq qərarların operativ  qəbul olunması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə icra yönlü səlahiyyətlər verilir. Qalan məsələlərin hamısı yerindədir. 
İndi siz məsələ qaldırırsınız ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Amma eyni zamanda, bütün səlahiyyətlərin ona verilməsi, əslində, onu müstəqil dövlətə çevirir. Onda Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsi necə ola bilər? Biz indi bilə-bilə özümüzə problem yaradaq?   Qüdrət müəllim, hər şey qanun, hər şey Konstitusiya çərçivəsindədir. Naxçıvan Muxtar Respublikasının normal fəaliyyətini, funksiyalarını təmin edən bütün mümkün səlahiyyətlərin hamısı ona verilibdir. Ondan yuxarısı artıq suverenlikdir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkib hissəsidir. Bilə-bilə öz əlimizlə belə bir presedent yaratmağımız qətiyyən düz olmaz.
İlyas müəllim burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin kimə müraciət etməsi ilə əlaqədar məsələ qaldırdı. Hesab edirəm ki, bu bizim Konstitusiyamızda  və eyni zamanda, “Məhkəmələr və hakimlər haqqında” Qanunda kifayət qədər müəyyən olunub. İndi bizə cənab Prezident tərəfindən göndərilən qanun layihəsinin özündə göstərilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Prezidentə təklif verir, Prezidentin  təqdimatı da bizə daxil olur. Burada aydın olmayan nə var? Mən bunu anlaya bilmədim.
Bir də, burada inzibati məhkəmələrlə bağlı məsələ qalxdı. Konstitusiyamızın 125-ci maddəsinin üçüncü hissəsində bu norma var.  Orada göstərilir ki, məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Qanunla nəzərdə tutulmuş vasitələri də biz  sizinlə “Məhkəmələr və hakimlər haqqında” Qanuna yazdıq. Söhbət inzibati məhkəmələrdən gedir.  Tam açıq, şəffaf şəkildədir, məntiqi və hüquqi nöqteyi-nəzərdən hər  məsələ yerindədir.  Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, dəyişikliyə münasibətinizi bildirəsiniz. 

Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 4
İştirak edir  113
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri,  bildiyiniz kimi, həmişə Milli Məclisdə neft-qaz haqqında sazişlər təsdiq olunur. İki belə sazişimiz var. Birinci sazişimiz Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədədir. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin sədri Valeh Ələsgərov buyursun.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/77 saylı 2011-ci il 7 aprel tarixli məktubu ilə   Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. 
Hər zaman olduğu kimi, təqdim edilmiş saziş müəyyən prosedurlardan keçmişdir. Tərəflər arasında aparılan danışıqlar nəticəsində öncə Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarına dair müqavilə razılaşdırılmış və imzalanmışdır. Həmin prinsiplər və müddəalar bu sazişin əsasını təşkil edir.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 7 sentyabr tarixli 1089  nömrəli sərəncamı ilə  ARDNŞ-yə yuxarıda adı çəkilən müqavilənin əsasında  təqdim edilmiş sazişin  hazırlanması və Azərbaycan Respublikası  adından imzalanması, həmçinin sazişin qüvvədə olduğu müddət ərzində tərəf müqabili qismində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. Bu saziş 2010-cu il 7 oktyabr tarixində Bakı şəhərində imzalanmışdır.
Sazişin tərəfləri hökumət təşkilatı qismində Azərbaycan Respublikası  Dövlət Neft Şirkəti, podratçı qismində İngiltərədə qeydiyyata alınmış BP Eksploreyşn Limited şirkəti və  100 faiz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olacaq və onun tərəfindən müəyyən bir vaxtda yaradılacaq ARDNŞ-nin Ortaq Neft Şirkətidir. 
Kontrakt sahəsi 2-ci əlavədə verilmiş coğrafi koordinatların əmələ gətirdiyi parametr daxilində olan sahədir. Cənubi Xəzərin mərkəzi hissəsində,  açıq dənizdə Bakı şəhərindən, – Şəfəq strukturundan deyirəm, – 125 kilometr məsafədə yerləşir. Strukturun yerləşdiyi sahədə dənizin dərinliyi 700–750 metrə qədərdir. Geoloji struktur  1961-ci ildə aşkar edilibdir.
Asiman strukturu da Şəfəq strukturuna yaxındır. Cənubi Xəzərin  mərkəz hissəsində, açıq dənizdə Bakı şəhərindən 125 kilometr məsafədə yerləşir. Strukturun yerləşdiyi sahədə dənizin dərinliyi bundan öncəki strukturda olduğu kimi 700–750 metrə qədərdir. Bu struktur da 1961-ci ildə  aşkar edilibdir.
Kontraktın şərtlərinə görə əgər neft-qaz əməliyyatları zamanı podratçı tərəfindən yeni neft və ya qaz yatağı kəşf olunarsa və bu yeni yatağın bir hissəsi mövcud kontrakt sahəsini hüquqlarından kənara çıxarsa, ARDNŞ-nin kəşf edilmiş əlavə sahəni podratçı tərəfindən işlənməsinə vermək öhdəliyi yoxdur. Belə bir hüquq Azərbaycan Respublikası Dövlət Neft Şirkətində var. Lazım bilsə, əlavə edə bilər, ancaq öhdəlik yoxdur.
Podratçı tərəflərin  hüquq və öhdəlikləri iştirak paylarında öz əksini tapır. BP şirkətinin də, ARDNŞ-nin Ortaq Neft Şirkətinin də iştirak payı 50 faizdir.  Sazişin şərtlərinə uyğun olaraq podratçı neft-qaz əməliyyatlarını beynəlxalq neft-qaz sənayesində qəbul və tətbiq edilən prinsiplərə və standartlara uyğun olaraq işgüzarlıqla, təhlükəsiz və səmərəli şəkildə aparmağı öhdəsinə götürür.
Bununla bərabər, podratçı həm də zəmanət verir ki, bu sazişi icra etmək üçün tələb olunan inzibatçılıq və idarəetmə üzrə texnoloji biliklərə və təcrübəyə, müvafiq maliyyə ehtiyatlarına malikdir. Hər zaman olduğu kimi, saziş podratçıya karbohidrogen  ehtiyatlarından və bunlarla bağlı neft-qaz əməliyyatlarından başqa hər hansı təbii ehtiyatlarla, başqa fəaliyyət növləri ilə məşğul olmaq hüquqları vermir.
Bundan başqa, əgər sazişin qüvvədə olduğu müddət ərzində hasil edilmiş xam neftin və təbii sərbəst qazın podratçının əməliyyat məsrəflərinin və əsaslı məsrəflərinin ödənilməsi üçün nəzərdə tutulmuş həcmləri, bu məsrəflərin ödənilməsini təmin etmirsə, podratçı əvəzi ödənilməmiş məsrəflərinin hər hansı bir şəkildə və ya hər hansı başqa  mənbədən ödənilməsini təmin edən hüquqa malik deyil.
Kəşfiyyat dövrü ərzində  podratçının müəyyən iş öhdəlikləri var. Kəşfiyyat  dövrünün müddəti bu sazişin qüvvəyəminmə tarixindən etibarən 4 ildir. “Qüvvəyəminmə” anlayışının tərifi və bununla bağlı  prosedurlar 25-ci maddədə geniş izah edilib, ona görə buna vaxt sərf etməyə ehtiyac yoxdur.
4 il ərzində podratçı kontrakt sahəsində kəşfiyyat işlərinin proqramını həyata keçirməlidir. Yəni üçölçülü seysmik işlər aparmalı, bu işlərin nəticəsini təhlil və təfsir etməlidir. Qazma işlərinin aparılması gözlənilən ərazilərin mühəndis-geoloji tədqiqatını aparmalı və dərinliyi, digər parametrləri kəşfiyyat işləri proqramında razılaşdırılmış 2 kəşfiyyat quyusunu qazmalıdır.  Kəşfiyyat dövrü üçün nəzərdə tutulmuş işlərin hamısının və ya bir hissəsini kəşfiyyat dövrü ərzində podratçı tərəfindən yerinə yetirilməməsi podratçının bu saziş üzrə öhdəliklərini köklü surətdə pozması hesab edilir. Sazişin 29.1-ci maddəsinə müvafiq olaraq bu halda Dövlət Neft Şirkətinin podratçının kontrakt sahəsinə dair hüquqlarına xitam  vermək hüququ var. Podratçının kontrakt sahəsi ilə əlaqədar çəkdiyi məsrəflər ödənilmir. 
Sazişdə nəzərdə tutulur ki, podratçı 3 illik əlavə kəşfiyyat dövrünə daxil ola bilər.  Kəşfiyyat dövründə bütün öhdəliklər yerinə yetirilibsə, bu dövr ərzində podratçı ən azı  əlavə 2 kəşfiyyat quyusu qazmalıdır. Kəşfiyyat dövrü üçün razılaşdırılmış öhdəliklər, hüquqlar, məhdudiyyətlər, o cümlədən  köklü pozuntu halları  əlavə kəşfiyyat dövrünə də aiddir.  Kəşfiyyat dövrü və  müvafiq olaraq əlavə kəşfiyyat dövrü bitənədək podratçı Dövlət Neft Şirkətinə kəşf və onun kommersiya dəyəri haqqında bildirişi rəsmi olaraq təqdim etmirsə, bu halda bu sazişə xitam verilir və podratçının çəkdiyi məsrəflərin əvəzi ödənilmir. Əgər podratçı  tərəfindən aparılan işlər nəticəsində ticari dəyərli karbohidrogen ehtiyatları aşkar edilsə və podratçı Dövlət Neft Şirkətinə kəşfiyyat dövrü və müvafiq olaraq əlavə kəşfiyyat dövrü qurtaranadək kəşf və onun kommersiya dəyərləri haqqında bildirişi təqdim edirsə, bu halda podratçı bildirişi təqdim etdiyi gündən 6 aydan çox olmayan müddət  ərzində Dövlət Neft Şirkətinə təsdiq olunmaq üçün kəşf edilmiş karbohidrogenlərin işlənmə proqramını təqdim etməlidir. 
Podratçı ARDNŞ tərəfindən işlənmə və hasilat proqramının yazılı təsdiqindən sonra 48 aydan gec olmayaraq karbohidrogenlərin sənaye hasilatına başlamaq üçün lazım olan bütün məqsədəmüvafiq tədbirləri görməlidir. Əgər adı çəkilən işlənmə proqramı 6 ay ərzində Dövlət Neft Şirkətinə təqdim edilməzsə, Dövlət Neft Şirkətinin sazişə xitam vermək hüququ var və bu halda podratçının çəkdiyi xərclər ödənilmir.
Gördüyünüz kimi, bu sazişdə də podratçının öz öhdəliklərini zamanında səmərəli şəkildə yerinə yetirməsini təmin edən  çox ciddi şərtlər var. Yeganə istisna isə hər zaman olduğu kimi, fors-major halları ola bilər.  Adı çəkdiyim işlənmə proqramı təsdiq olunarsa,  4.5-ci maddədə göstərildiyi kimi, 30 il davam edə bilən işlənmə və hasilat dövrü başlayır. Bu müddət başa çatdıqdan sonra ARDNŞ-nin razılığı olarsa, işlənmə və hasilat dövrü zəruri müddətə uzadıla bilər.  Belə uzadılma və onun müddəti ARDNŞ tərəfindən təsdiq edilməlidir.
ARDNŞ-nin Ortaq Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi kimi çox mühüm bir müddəanı diqqətinizə çatdırmaq istəyirəm. Əlbəttə ki, podratçı tərəflər neft-qaz əməliyyatlarının maliyyə təminatını öz boyunlarına götürürlər və bu onların öhdəliyidir. Hər podratçı tərəf öz payına düşən hissəni maliyyələşdirməlidir. Bununla əlaqədar bir önəmli məqamı  diqqətinizə çatdırmaq istəyirəm.
Sazişin “Ortaq Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsinə dair xüsusi müddəa” adlanan 3.5-ci maddəsində  qeyd olunur  ki, xarici podratçı tərəf qüvvəyəminmə tarixindən başlayaraq işlənmə proqramının təsdiq edilməsi tarixinədək ONŞ-nin iştirak payına düşən neft-qaz əməliyyatlarının məsrəflərinin 100 faiz maliyyələşdirilməsini öz öhdəsinə götürür. Yəni  xarici podratçı tərəf ən riskli müddət ərzində Ortaq Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsini öz boynuna götürür. Əgər karbohidrogen ehtiyatları kəşf edilərsə və karbohidrogen  ehtiyatları işlənilib hasil edilərsə, o zaman bundan öncə həyata keçirilmiş maliyyələşmənin əvəzini Ortaq Neft Şirkəti öz payına düşən məsrəflərin ödənilməsi üçün ayrılmış karbohidrogenlərlə ödəyə bilər. Əlbəttə ki, payına düşən mənfəət karbohidrogenlər ilə, ya da əlverişli bildiyi qaydada tamamilə və ya qismən avansla ödəyə bilər. Yuxarıda göstərilən riskli müddətlər bitdikdə ARDNŞ-nin Ortaq Neft Şirkəti öz iştirak payına düşən maliyyələşdirməni özü təmin etməlidir. Belə təcrübə artıq Dövlət Neft Şirkətində var. ARDNŞ həm öz hesabından, həm də ki, beynəlxalq maliyyə bazarından  lazım olan miqdarda vəsaiti cəlb etmək imkanına malikdir və qadirdir.
Məsrəflərin əvəzinin ödənilməsi və mənfəət karbohidrogenləri barədə danışmaq istəyirəm. Hasil edilmiş xam neft və  sərbəst təbii qazla birinci növbədə podratçının əməliyyat məsrəflərinin ödənilməsi təmin edilir. Bundan sonra qalan   xam  neft və sərbəst qazın 50 faizə qədər hissəsi podratçının əsaslı məsrəflərinin maliyyələşdirmə məsrəfləri ilə birlikdə ödənilməsi üçün ayrılır. Daha sonra qalan xam neft və təbii sərbəst qaz R əmsalı əsasında qurulmuş cədvələ uyğun mənfəət  karbohidrogenləri kimi podratçı tərəflər və dövləti təmsil edən ARDNŞ arasında bölünür.
Xüsusi qeyd etməliyəm ki, kontrakt sahəsi üçün bütün hesabatlar məsrəflərin ödənilməsi, mənfəət karbohidrogenlərin bölüşdürülməsi ayrılıqda aparılır. R əmsalı 0-dan 1-ə qədər olan müddət ərzində mənfəətli karbohidrogenlərdə dövlətin payı 45 faiz, podratçıların 55 faiz olacaqdır. Layihənin mənfəətliyi artdıqca dövlətin payı 90 faizə qədər artır, podratçıların payı 10 faizə qədər azalır. Ancaq podratçıları 2 tərəfə bölsək və ARDNŞ-nin Ortaq Neft Şirkətinin dövlətin payına düşən hissəni birləşdirsək, görərik ki, Azərbaycanın hissəsi R əmsalı 0-dan 1-ə çatan müddət ərzində 72,5 faizdən başlayır və 95 faizə qədər artır. Xarici podratçının mənfəətli karbohidrogenlərdə hissəsi 27,5 faizdən başlayır və 5 faizə qədər azalır. R əmsalının izahı, düsturu və sair 11.5-ci maddədə verilibdir. Hər zaman olduğu kimi, təbii səmt qazının emal üçün istifadə edilməyən hissəsi Dövlət Neft Şirkətinə çatdırılma məntəqəsində pulsuz verilir.
Sazişdə çox mühüm bir maddə “Bonus ödənişləri və akrhesab ödəmələri”dir. Xarici podratçı tərəf ARDNŞ-ə, dövlətə aşağıdakı qaydada bonusları ödəyir. Qüvvəyəminmə tarixindən sonra 30 gün ərzində 20 milyon ABŞ dolları ödəməlidir. Xam neft kəşf edildikdə işlənmə proqramında müəyyən edilmiş, sənaye üsulu ilə çıxarıla biləcək hər 100 milyon barrel xam neft üçün bir milyon ABŞ dolları məbləğində bonus işlənmə proqramının faktiki və ya hesab olunan təsdiqindən 30 gün sonra ödənilməlidir.
Sərbəst təbii qaz kəşf edildikdə bonus ödənişləri təbii qazın alğı-satqı  müqaviləsi üzrə ayrı-ayrılıqda hər 28,3 milyon kubmetr üçün 1.798.885 dollar və xam neftin bir milyon barreli üçün 10 min dollar əsasında hesablanacaqdır. Xarici podratçı tərəf kommersiya hasilatının başlanma tarixindən sonra 3 gün ərzində dövlətə 50 milyon ABŞ dolları məbləğində bonus ödəməlidir. Kəşfiyyat və əlavə kəşfiyyat dövrlərində xarici podratçı tərəf hər il kontakt sahəsinin  hər kvadrat kilometri üçün dövlətə 2 min ABŞ dolları akrhesabı ödəməlidir.
Tərəflər mümkün qədər qısa bir müddətdə neft-qaz əməliyyatının aparılması məqsədi ilə müştərək əməliyyat şirkəti yaratmalıdırlar. Müştərək əməliyyat şirkəti  rəhbər komitənin qəbul etdiyi iş proqramı və büdcələr əsasında öz işini qurmalıdır. Əlbəttə ki, o, icraçı bir orqan olaraq nə mənfəət,  nə də itki verməlidir.
Azərbaycanlı personala dair bir neçə mühüm  məqamı qeyd eləyim. Əməliyyat şirkətinin Azərbaycan vətəndaşları olan kadrlarına peşə təlimi, təkrar peşə təlimi verilməsi təmin edilməlidir. Bununla əlaqədar lazım olan vəsaiti podratçı təmin edir. İl ərzində xərclər 200 min ABŞ dollarından aşağı olduqda onun əvəzi podratçıya ödənilmir. Əgər podratçı bu məqsədlər üçün 200 min ABŞ dollarından artıq vəsait sərf edirsə, bu artıq  ödənilmiş məsrəflərin tərkibinə salına bilər. 
Sənaye hasilatının başlanma tarixinədək mühəndis-texniki işçilər 50–70 faiz arasında, fəhlə heyəti isə 80 faiz Azərbaycan vətəndaşları olmalıdır. Sənaye hasilatı başlanma tarixində mühəndis-texniki işçilərin 80 faizi, fəhlə heyətinin 90 faizi Azərbaycan vətəndaşları olmalıdır. Sənaye hasilatının başlanma tarixindən 5 illik müddət ərzində mühəndis-texniki işçilərin ən azı 90 faizi, fəhlə heyətinin isə ən azı 95 faizi Azərbaycan vətəndaşları olmalıdır. Əlbəttə ki, reallıqda bu rəqəmlər göstərilənlərdən artıqdır. Çünki heç kimin marağı yoxdur ki, Azərbaycanda olan təcrübəli, bilikli, savadlı mühəndisləri, ya da fəhlələri xaricdən gətirilmiş mühəndis və fəhlələrlə əvəz etsin. Bu sahə çox böyük dərinlikdə yerləşdiyi üçün bu məsələlərə ehtiyatla yanaşılıbdır.
Sazişdə artıq standart formaya düşmüş maddələr də var. Layihəni idarə edən rəhbər komitənin yaradılması, tərkibi, səlahiyyətləri, iş proqramları və bunlarla bağlı illik büdcələrin hazırlanması, təqdim edilməsi, çəkilən məsrəflərin uçotu, müvafiq hesabatların hazırlanması, təqdimatı və sair bu qəbildəndir. Ümumiyyətlə, mühasibat uçotunun aparılması qaydaları müvafiq maddələrdə və əlavələrdə öz əksini tapıbdır.
Belə məsələlərlə vaxtınızı almaq, onları təkrar eləmək istəmirəm. Biz   31-ci,  ya da 32-ci dəfədir, bu kontraktları sizə təqdim eləyirik. Adını çəkmək,  izah etmək istəmədiyim maddələr təkrar olunduğuna görə vaxtınızı almağa ehtiyac yoxdur. Əminəm ki, bu sazişi də bundan öncəki sazişlər kimi səs verərək qəbul edəcəyik. Özümə borc bilirəm ki, danışıqlar aparan, əziyyət çəkib bu sazişi hazırlayan mütəxəssislərə, şəxslərə, qurumlara öz minnətdarlığımı bildirim. Bizə, onlara – hamımıza bu layihənin həyata keçirilməsində uğurlar arzulayıram. Təşəkkür edirəm, çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Valeh müəllim, çox sağ olun, təşəkkür edirəm. Çox geniş, professional izahat verdiniz. Mübariz müəllim, buyurun.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Valeh müəllim ətraflı məlumat verdi. Bu, 1994-cü ildə Əsrin kontraktı imzalanandan sonra 17 il ərzində, səhv eləmirəmsə, imzaladığımız 33-cü, ya da 34-cü müqavilədir. Mənim xatirimdədir, Əsrin kontraktı imzalananda Valeh müəllim Milli Məclisin deputatı deyildi, amma Dövlət Neft Şirkətinin mütəxəssisi kimi  kontraktların mahiyyətini izah eləyirdi. Bu kontraktların müzakirəsi çox ciddi  gedirdi, çünki bunlar bizim üçün yeni  məsələlər idi. Hamı maraqlanırdı ki, bu kontraktlar hansı sistem üzrə imzalanır, Azərbaycan üçün bunun gəliri necə olacaq və sair. Bu gün parlamentdə bu cür kontraktlara  əvvəlki kimi geniş diqqət yetirilməməsi ona görə deyil ki, insanlar bununla maraqlanmırlar. Sadəcə, hamı başa düşür ki, artıq dünyada neft müqavilələrinin ayrı-ayrı sistemləri var və Azərbaycanın istifadə elədiyi neft müqaviləsi ən səmərəli formalardan biridir.
Diqqətlə qulaq asdıq, kontraktla tanışıq. Görürük ki, heç bir halda biz ziyana düşmürük, bonusumuzu vaxtlı-vaxtında alırıq və sair. Eyni zamanda, işçi qüvvəsi məsələləri də sazişdə çox gözəl əksini tapıbdır. Əlbəttə, mən sazişə səs verəcəyəm. Azərbaycana investisiyaların cəlb edilməsi, xüsusilə neft sənayemizin inkişafı baxımından bu çox mühüm addımlardan biridir. Amma bir məsələyə diqqət yetirmək istəyirəm.
Vaxtilə Bakı şəhəri dünyanın neft mərkəzi sayılıb və dünyada  neftlə bağlı bütün yeniliklər ilk dəfə Bakıda, Azərbaycanda  tətbiq olunub. Bunlar  hamıya bəlli məsələlərdir. Bu gün də Azərbaycanda neft sahəsi ilə bağlı mütəxəssislərin hazırlığı yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycan Dövlət Neft Akademiyasının hazırladığı mütəxəssislər heç də xarici ölkələrdə hazırlanan mütəxəssislərdən geri qalmır və bir sıra hallarda irəli gedirlər. Eyni zamanda, dənizdə neft kəşfiyyatı, neft çıxarılması ilə əlaqədar Azərbaycan neftçiləri çox böyük yenilikləri ortaya qoyublar.
1994-cü ildə ulu öndər Heydər Əliyev Əsrin kontraktının imzalanması ilə əlaqədar siyasətini həyata keçirəndə, təbii ki, Azərbaycanın iqtisadi imkanları indiki kimi deyildi. O dövrdə Azərbaycan xaricdən investisiyalar cəlb edilməsində daha maraqlı idi. Bu gün biz dünyanın istənilən  bankından, istənilən beynəlxalq maliyyə qurumundan istədiyimiz məbləğdə borc götürə bilirik və bu da hamıya bəllidir. Bu gün Azərbaycandakı sabitlik, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, iqtisadi uğurlarımız buna şərait yaradır.
Hörmətli Valeh müəllim, bizim neft üzrə ağsaqqalımız Xoşbəxt müəllim  də buradadır, mən istəyirəm, bir məsələni diqqətinizə çatdırım. Zamanı çatmamışdırmı ki, biz öz vəsaitimizin, öz kadrlarımızın hesabına  neftlə  zəngin olan ərazilərimizi artıq özümüz istismar eləyək? Məsələn, bu gün ARDNŞ-nin kifayət qədər vəsaiti, mütəxəssisləri var. Eyni zamanda, Azərbaycanda yeni texnologiya ilə bağlı müxtəlif neft avadanlığı istehsal olunur. SSRİ dövründə neft avadanlığının 75 faizi Azərbaycanda istehsal olunurdu. Təbii ki, SSRİ dağıldıqdan sonra bəzi itkilər oldu və köhnəlmiş neft avadanlığı müasir dövrün tələblərinə uyğun deyildi. Amma indi  Azərbaycanda bir sıra məhsullar istehsal olunur, mütəxəssislərimiz var. Xüsusilə neft şirkətinin təqaüdü ilə xaricdə çoxlu sayda mütəxəssislərimiz hazırlanıb və hazırlanmaqdadır.
Bu gün dünya çox dəyişkəndir, mütəhərrikdir. Dünyada gedən proseslər, xüsusilə neftin qiyməti ilə bağlı dünya bazarındakı bəzi hadisələr göstərir ki, neft yataqları üzərində şərikli istifadə yox, milli nəzarət daha güclü olmalıdır. Bu tendensiya özünü başqa ölkələrdə də büruzə verir. Hesab edirəm ki, Azərbaycan həm özünün neft strategiyasının keyfiyyətcə yeni mərhələyə keçidi baxımından, həm də bölgədə müstəqil siyasət yeridən bir ölkə kimi gələcəkdə Xəzər regionunun Azərbaycana məxsus bölgəsində olan neft yataqlarını müstəqil şəkildə işləmək hazırlığını həyata keçirməlidir. Əlbəttə, bəzi sahələr var ki, Azərbaycan bunu müstəqil həll edir. Bu, bəllidir. Amma bütövlükdə neft siyasətimizdə bunu həyata keçirməyin zamanı çatıbdır. Mənim düşüncəm belədir. Ola bilər, mütəxəssislər bunu başqa formada, başqa şəkildə daha yaxşı ifadə edərək doğru olmadığını deyə bilərlər. Hər halda mən siyasi və iqtisadi konyunkturanı nəzərə alaraq düşünürəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu siyasəti ortaya qoymalıdır. Bundan sonra bizim iqtisadi, sosial, texniki imkanlarımız bizim neft yataqlarımızdan müstəqil surətdə istifadə eləməyə şərait yaradır.
Mən bayaq gündəliyin müzakirəsi ilə bağlı yazılmışdım, amma vaxt çatmadı. İcazə verirsinizsə, bir fikrim var, onu səsləndirim. Biz bu il Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyini qeyd edəcəyik. Bu çox mühüm bir hadisədir və bu müstəqilliyin əldə olunmasında, möhkəmləndirilməsində, onun iqtisadi təməlinin qurulmasında ulu öndərimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevdir. Bu günlərdə biz də ulu öndərin 88-ci ildönümünü qeyd edəcəyik. Sabah Yeni Azərbaycan Partiyası bununla bağlı Gülüstan sarayında böyük bir tədbir keçirəcəkdir. Belə tədbirlər silsiləli şəkildə davam edir.
Mən bir təkliflə çıxış eləmək istəyirəm. Milli Məclis payız sessiyasının iclaslarının birini müstəqilliyimizin 20 illiyinə həsr etsin. Bununla bağlı indidən hazırlıq işləri görülsün. Ola bilər, işçi qrupu yaradılsın, xüsusi məruzəçi təyin olunsun. Bu artıq Milli Məclisin rəhbərliyi tərəfindən müəyyən olunan bir məsələdir. Yaxşı olar ki, oktyabr ayında iclasların birini buna həsr eləyək və dövlət müstəqilliyimizin bərpasında əldə etdiyimiz uğurları Milli Məclis səviyyəsində geniş şəkildə təhlil və müzakirə edərək ictimai rəyə çatdıraq. Diqqətinizə görə təşəkkür edirəm. Valeh müəllim, bilirəm ki, mənim irəli sürdüyüm fikir Sizin tərəfinizdən çox peşəkarcasına cavablandırılacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Valeh müəllim, iki nəfər də danışmaq istəyir. Onlar da  danışsınlar, sonra Siz bu suallara cavab verərsiniz. Buyurun, Vahid müəllim.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Valeh müəllim, mənim iki sualım var. Bayaq qeyd elədiniz ki, biz 30-a yaxın kontrakt təsdiq eləmişik. Həmişə bu kontraktları təsdiq eləyəndə müəyyən məqamlar ortaya çıxır. Biz bu barədə çıxış eləmişik, öz fikirlərimizi bildirmişik. Artıq  faktiki olaraq dənizdə neft sahəsində işlər yekunlaşır, Azərbaycan quruda islahatlara gedir. Ona görə yaxşı olmazdımı ki, neft haqqında qanun qəbul eləyək. Bu qanuna, ümumiyyətlə, belə kontraktların Milli Məclisə çıxarılması ilə əlaqədar müəyyən maddələr salınsın. Yəni neft kontraktlarında olan bəzi məqamlar həmin qanunda öz əksini tapsın. Neft haqqında qanunun qəbul edilməsinə, ümumiyyətlə, nə mane olur? Bu məsələ keçən çağırış Milli Məclisin iclaslarında da bir neçə dəfə səsləndirilib və Valeh müəllimin yanında da müəyyən müzakirələr gedib.
İkinci, son vaxtlar işlənən bütün kontraktlarda ortaq neft şirkətlərindən istifadə edilir.  BP də, ARDNŞ də tanınmış şirkətlərdir. İkisinin də böyük səlahiyyətləri var. Azərbaycan Dövlət Neft Şirkətinə Azərbaycan dövləti tərəfindən bütün səlahiyyətlər verilir. Belə bir ortaq neft şirkətinin yaradılmasında məqsəd nədir? Olmaz ki, saziş də elə birbaşa bu iki neft şirkəti arasında imzalansın və icrasına başlanılsın? Ortaq neft şirkətinin yaradılması müəyyən ziddiyyətli məsələləri ortaya çıxarır. Baxırıq, indi Balaxanı və digər şirkətlərin aradan qaldırılması, onların avadanlıqlarının  uzun müddətə istifadəyə verilməsi və sair sual doğurur. Mən sazişlərin ikisini də oxumuşam, orada sual doğuran məqamlar həddindən artıq çoxdur. Yəni olmazmı ki, bu müqavilələri elə birbaşa BP şirkəti ilə ARDNŞ arasında  imzalayaq və həyata keçirək? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Rasim Musabəyov.
R.Musabəyov. Çox ətraflı  məlumata görə Valeh müəllimə  təşəkkürümü bildirmək istərdim. Millət vəkillərinin diqqətinə çatdırmaq istərdim ki, bu saziş əvvəlki kontraktlardan müsbət mənada xeyli fərqlənir. Bu pay bölgüsündə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin operatorluğunun BP ilə bölüşdürülməsində də özünü göstərir. Mübariz müəllimin “bu yataqları daha çox Azərbaycan Dövlət Neft Şirkəti  özü işləsin” fikrini, açığı, indi anlayıram. Amma hesab edirəm ki, böyük transmilli neft şirkətləri ilə əməkdaşlıq faydalıdır. Bu sazişdə ARDNŞ-nin 50 faiz payla iştirakı və operatorluğun bölgüsü  səmərəli bir üsuldur. Risklərin bölgüsünü də  müsbət amil kimi dəyərləndirirəm.
Nəhayət, düşünürəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tanınmış transmilli şirkətlərlə əməkdaşlığının dərinləşməsi  gələcəkdə üçüncü ölkələrlə birgə layihələrin işlənməsinin əsaslarını yaratsın.  Meksikanın, Malayziyanın dövlət neft şirkətləri üçüncü ölkələrdə bu cür layihələrdə iştirak edirlər. Hesab edirəm ki, biz xarici şirkətlərə  pay ayırmaqla, onlarla əməkdaşlığı möhkəmləndirməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin güclü bir beynəlxalq neft şirkətinə çevrilməsi üçün bir zəmin yaradırıq. Mən deputat həmkarlarımı təqdim olunmuş layihəni dəstəkləməyə çağırıram. Təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu layihəyə səs verəcəyəm. Hörmətli Valeh müəllim layihə haqqında geniş məlumat verdi.  Hesab edirəm ki, bundan sonra hər hansı bir suala və yaxud da hər hansı bir izahata ehtiyac qalmır. Burada, doğrudan da, Azərbaycanın çox görkəmli neft mütəxəssisləri əyləşiblər və onlar uzun illərdir, bu sahədə çalışırlar.
Qeyd etmək istəyirəm ki, ümummilli liderimiz tərəfindən əsası qoyulan Azərbaycanın neft strategiyası bu gün çox uğurla davam etdirilir. Vaxtilə  hər hansı bir müqavilə imzalananda  orada əsas yük iqtisadi məsələdən daha çox siyasi məsələyə yönəlirdi. O zaman Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, hər hansı bir təhdidlərdən qorunması üçün bu vasitələrdən istifadə olunurdusa, artıq indi o müqavilələr sırf Azərbaycanın  maraqları çərçivəsində imzalanır və ondan gələn gəlirlər də Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəlir.
Mən neftlə məşğul olan elə bir ölkə tanımıram ki,  öz ərazisində bu qədər tikinti, quruculuq, abadlıq işləri ilə məşğul olsun. Bu müqavilələrdən  əldə olunan gəlirlərin hesabına bu gün Azərbaycanın hər bir bölgəsində ARDNŞ tərəfindən ən müasir standartlara cavab verən məktəblər, xəstəxanalar tikilir, onlar üçün xüsusi avadanlıq alınır. Bu qəbildən olan başqa-başqa məsələlər də çox operativ şəkildə həll olunur.
Qeyd edim ki, vaxtilə əsası düzgün qoyulan neft strategiyasının nəticəsidir ki, bu gün neftdən gələn gəlirlər Azərbaycan xalqının maraqlarına xidmət edir. Rəhmətlik Turqut Özal “Türkiyə xoşbəxtdir ki, onun nefti yoxdur” – deyirdi. Neft həm xoşbəxtlikdir, həm də bədbəxtlik. Əgər ondan düzgün istifadə edilirsə,  müqavilələr düzgün imzalanırsa və xalqın maraqlarına xidmət edirsə, bu artıq xoşbəxtlikdir. Ondan düzgün istifadə olunmayanda, o həmin xalqa, ölkəyə bədbəxtlik gətirir. Bu gün biz xoşbəxtik ki, milli liderimiz tərəfindən təməli qoyulan bu strategiya Azərbaycanın xoşbəxt gələcəyinə xidmət edir və bu addımlar atılır.
Burada ortaq şirkətlərlə bağlı fikirlər söylənildi. Bu yataqların ayrı-ayrı böyük neft şirkətləri ilə birgə işlənilməsinin, təbii ki, həm siyasi, həm iqtisadi, həm də texnoloji tərəfləri var. Çünki elə siyasi məsələlər var ki, bu  olmalıdır. Elə məsələ var ki, iqtisadi məsələdir və biz onlarla birgə başqa bir sahədə çalışa bilərik. Bu da olmalıdır. Elə texnoloji məsələlər var ki,  ola bilər, bu gün biz ondan dəqiq istifadə edə bilmirik. Lakin onlar istifadə edirlər, təcrübələri çoxdur. Onlar bu gün yeni texnologiya əsasında ayrı-ayrı dövlətlərin ərazilərində işləyirlər, çalışırlar. Bu daha əlverişlidir və mən hesab edirəm ki,  vaxt gəlib çatanda biz özümüz də bu sahələrdən istifadə edəcəyik. Yenə deyirəm, təqdim olunan layihə çox vacib, zəruridir  və  deputat həmkarlarımdan bu sənədə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ  olun. Fuad Muradov.
F.Muradov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, biz bu qanun layihəsini komitəmizdə geniş müzakirə etmişik  və mən burada deyilən fikirlərin də  bəziləri ilə razıyam. Düşünürəm ki, bu gün dünyada pay bölgüsündən başqa müasir standartlara cavab verən müqavilə növü mövcud deyildir. Təcrübə onu göstərir ki, pay bölgüsü haqqında sazişlər həm ölkəyə sərf edir, həm də ölkədə fəaliyyət göstərən beynəlxalq konsersiumlara. Eyni zamanda da, bu istiqamətdə qanunvericilik bazası artıq bütün dünyada mövcuddur. Bu gün reallıq ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyət göstərən bir çox transmilli  şirkətlər məhz bu pay bölgüsü sazişindən istifadə edirlər.
Bizə təqdim olunan  sazişdə çox yeni və mütərəqqi  dəyişikliklər var. Mən onların bir neçəsini vurğulamaq istəyirəm. Hörmətli millət vəkilləri, siz bilirsiniz ki, artıq bir neçə aydır ki, biz Dövlət gənclər proqramını müzakirə edirik. Bu, cənab Prezident tərəfindən irəli sürülmüş proqramdır və orada  bir neçə xüsusi istiqamət var. Misal üçün, gənclərin peşə təhsilinə nail olması məsələsi burada öz əksini tapıb. Bu pay bölgüsündə xüsusi bir məqam var. Ümumiyyətlə, pay bölgüsü sazişində fəaliyyət göstərən istər orta, istərsə də yüksək səviyyəli mütəxəssislərimizin sayı 70 faizdən çox olacaq. Fəhlələrlə bağlı bu göstərici 90 faiz olacaq. Artıq bu sazişdə faizlər arta-arta bizim yerli mütəxəssislərimizin burada iştirakı daha geniş şəkildə təmin olunacaq. Bu yeni,  çox mütərəqqi bir əlavədir.
Növbəti bir müsbət məsələ də odur ki, artıq həmin  ortaq şirkətlər  mütəxəssislərin xaricdə oxuması ilə bağlı, təlimlər keçməsi ilə bağlı xüsusi vəsait də ayırıblar. Həmin mütəxəssislər xaricdə  təcrübə keçə bilərlər. Bir çox məsələlər var, amma Valeh müəllim çox geniş məlumat verdiyi üçün mən ancaq bu iki məqamın üzərində dayanmaq istəyirdim. Çünki bu, Azərbaycan gəncləri üçün çox vacib olan məsələdir. Siz reallığı bilirsiniz,  bu gün peşə istiqamətli təhsilə çox böyük ehtiyac vardır. Düşünürəm ki,  gələcəkdə də digər  şərikli  sazişlərimiz olacaqsa,  orada da bunu tətbiq eləmək lazımdır. Elə etmək lazımdır ki, bir neçə il keçəndən sonra orada artıq yerli mütəxəssislər çalışsınlar. Müzakirə etdiyimiz sazişdə bu  var. Ona görə mən bunu hazırlayanlara təşəkkür edirəm.
Düşünürəm ki,  bu,  artıq nümunəvi bir neft strategiyasıdır və bir çox ölkələr də çalışırlar ki, bizdən bu təcrübəni  öyrənsinlər. Biz də onlar üçün qapıları açmışıq, gəlib öyrənə bilərlər. Eyni zamanda, mövcud reallıq budur ki, bu gün Avropa ölkələrində elmə, yəni  neft sənayesində elmin inkişafına çox böyük maliyyə ayrılır. Biz də bu istiqamətdə addımlar atırıq. Biz mütərəqqi  istiqamətləri  tətbiq etməliyik və bunu da edirik. Ona görə burada yeni nəyinsə icad edilməsi üçün çox vaxt, çox böyük maliyyə lazımdır. Hələ ki biz dünyada mövcud olan ən yaxşı təcrübədən  istifadə edirik və bu gün  bizə təqdim olunan pay bölgüsü haqqında sazişdə də bu öz əksini tapıb. Düşünürəm ki, hər bir millət vəkili bu sazişi oxuyub, bilir. Ona görə həmkarlarımı bunu dəstəkləməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Fuad müəllim. Amma mən bilən, Siz deyən məsələ artıq başlayıb. ARDNŞ-nin artıq güclü liseyi, texniki peşə məktəbi, texniki mərkəzləri var. Bunların daha da genişləndirilməsi, həqiqətən, xeyirli  olardı. Zahid Oruc buyursun.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Doğrusu, bu sənədin kifayət qədər mükəmməl olduğunu qeyd edərək çıxış eləməmək də mümkün idi, amma hörmətli həmkarım Siyavuş Novruzovun çıxışı, sözün yaxşı mənasında, mənə əsas verdi ki, bir-iki qeydimi edim.
Birinci, həqiqətən də, 1990-cı illərin ortalarında Azərbaycanın ictimai,  siyasi və sosial şəraiti müqavilələrin ümumi müddəalarına təsir göstərməkdə idi. Bu, sirr deyil. Müharibə amili o müqavilələrin şərtlərində təzahür edirdi. Heç kim deyə bilməzdi ki, Azərbaycan həmin dövrdə xarici kompaniyalara, transmilli şirkətlərə ən üstün şərtləri diktə edə bilər. Yəni ölkənin ümumi vəziyyəti istər-istəməz iqtisadi rəqəmlər uğrunda savaşan dairələr  üçün əlavə imkanlar verir. Məhz elə ona görə də neftlə zəngin olan ölkələrin hamısında, xüsusilə də müsəlman ölkələrində, – Allah nefti daha çox müsəlman ölkələrinə veribdir, – o şərtləri istədiklərinə uyğunlaşdıra bilmək üçün daha çox savaş gedir. Ona görə də mən elə hesab edirəm ki, Azərbaycan  müasir  dönəmdə şərtləri öz istədiyi kimi qoya bilir, çünki rəqabət mühiti də böyükdür, Azərbaycan özünün müvazinətini də möhkəmləndirib. Yəni dövlətin gücü müqavilələrə təsir edir.
İkinci, burada da qeyd olundu, neft haqqında  dərsliklərdə və yaxud da  artıq əksər beynəlxalq  terminologiyalarda “lənətlənmiş resurs” ifadəsindən çox geniş yararlanırlar. Əlbəttə, o, məşhur bir ifadədir. Amma mən düşünürəm ki, Azərbaycan bunu lənət resursu kimi saymır, əksinə, sovet dönəmindən dağılmış sistemin bərpası üçün bundan yaxşı mənada resurs kimi faydalanmaqdadır. Mənim aləmimdə bu ifadə bizə aid deyil.
Bu müqavilələrin beynəlxalq kompaniyalarla imzalanması məsuliyyətin bölüşdürülməsi, risklərin paylanması kimi qəbul olunmaqla bərabər məni bir fikir  həmişə ciddi şəkildə məşğul edir. Ötən əsrin əvvəllərində biz Azərbaycanda daha çox şəxslərin adına indekslənmiş xüsusi neft şirkətlərinin, ya da qurumların olmasını qeyd edirik. İndi dünya elə qurulub ki, transmilli şirkətlər, dövlətdən hər hansı asılılığı olmayan qurumlar bu prosesdə daha çox rəqabət aparırlar. Mən,  əlbəttə, başa düşürəm,  müasir dövrdə bu bəlkə də doğru olan bir addımdır. Amma gələcək üçün Azərbaycanın da beynəlxalq sistemdə rəqabət qabiliyyətli xüsusi kompaniyalarının, qurumlarının olması pismi qarşılanardı? Mən elə hesab eləmirəm.
Bir də,  biz çox vaxt burada bir məsələdən danışırıq, amma müqavilə gələndə bir az unuduruq. Mən, əlbəttə, Valeh müəllimə yönələn o fikirlərin hamısını bölüşürəm, kifayət qədər peşəkar bir mütəxəssisdir. Burada  digər insanlar da var. Amma müqavilələrin bütün şərtlərinin iqtisadi qurulması,  mənim baxımımdan, düzgün deyil. Qarabağda neft yoxdur. Ola bilər ki, gələcəkdə bu kompaniyalar Qarabağla işləməsinlər. Amma biz bilirik ki, bu şirkətlər beynəlxalq aləmdə holdinq qaydasında şəbəkə kimi çalışırlar. Yəni bunlar  təkcə elə neft üzrə ixtisaslaşmırlar. Bunların başqa sahədə fəaliyyətləri də var. Biz bunu müqavilələrə daxil edə bilmərikmi? Yəni bu siyasi şərt kimimi görünəcək? Görünəcəksə, qoy Azərbaycanın ərazi bütövlüyünü tanıma şərti, yaxud Qarabağda hər hansı bir fəaliyyət aparılarsa, müqavilədən imtina halı görünsün. Yəni biz bu müqavilələri Qarabağ amilinə bağlamaq istəyini göstərməliyik.
Düzdür, ermənilər həmişə deyirlər ki, biz neft müqavilələrini Ermənistanın əleyhinə şantaj predmetinə çevirmişik. Ancaq mənə elə gəlir ki, onların da bu resursu olsa idi, Azərbaycanın əleyhinə bundan eyni dərəcədə faydalanardılar. Ona görə də, hörmətli Valeh müəllim, çox istərdim, bu məsələyə qısa münasibət bildirilsin. Doğrudanmı kompaniyalar bundan imtina edərdi? Yəni Qarabağ amilinin, Azərbaycanın  ərazi bütövlüyü amilinin belə müqavilələrdə yer alması bizi xarici qurumlarla işləməkdən məhrummu edərdi? Mən bu sənədə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, müzakirələr bitdi. Valeh müəllim,  buyurun.
V.Ələsgərov. Dövlət Neft Şirkəti öz hesabına kəşfiyyat, axtarış işləri aparır və bu yaxında  çox çətin şəraitdə böyük dərinliklərdə böyük bir qaz-kondensat yatağını kəşf edib. Yəqin ki, televizoru seyr edən vətəndaşlarımız Dövlət Neft Şirkəti rəhbərliyinin bu kəşf haqqında Prezidentə təqdim etdikləri məlumatı görüblər. Yəni Mübariz müəllim, Dövlət Neft Şirkəti Siz dediyiniz istiqamətdə işlər aparır. Bu da təbiidir və aparacaqdır. Ancaq risk məsələsi var.
Bu dəqiqə müzakirə elədiyimiz sazişin əhatə etdiyi geoloji strukturlar yataq deyil, geoloji strukturdur. O geoloji strukturda nə var, nə yox, heç kim bilmir. Xoşbəxt müəllimin sözünü təkrar edim: baltanın ucundadır. Balta gedib nefti, ya da qazı aşkar etməyincə orada nə olduğunu heç kim bilmir. Misal üçün, Şahdəniz strukturunda kəşfiyyat işlərini aparanda birinci qaneedici məlumatları alana qədər 630–650 milyon dollar xərc getdi. Bu gün  Dövlət Neft Şirkəti, – Dövlət Neft Şirkəti deyəndə dövləti nəzərə almaq lazımdır, – bu yataqların hərəsinə bir milyard xərcləsə və açılmasa, on strukturdan ikisində – maksimum üçündə neft və ya qaz aşkar edilə bilər. Mənim fikrimcə, bu mərhələdə Dövlət Neft Şirkətinin  bu boyda riskləri boynuna götürməsi düzgün olmazdı. Ancaq harada risklər azdırsa, Dövlət Neft Şirkəti bu işləri aparır. Bayaq dediyim kimi, 250 milyard kubmetrə yaxın təbii qaz ehtiyatı olan yataq aşkar edilibdir və yəqin ki, bu işlər davam edəcəkdir.
Mənim  və  mütəxəssislərin fikri bundan ibarətdir ki, biz riskləri bölüşmürük. Fikir verdinizsə, ARDNŞ-nin Ortaq Neft Şirkətinin podratçı olaraq 50 faiz iştirak payı var. Amma işlənmə başlanmayana qədər bütün xərcləri, bonusları,  akrhesabı xarici tərəf ödəyir. Riskli müddətdə nə dövlət, nə də Dövlət Neft Şirkəti bir riski  xarici tərəfdaşlarla bölüşür.
Azərbaycanda olan bütün avadanlıqdan, gəmilərdən, qurğulardan, qurumlardan kontraktın şərtlərinə və Dövlət Neft Şirkətinin siyasətinə uyğun olaraq maksimum dərəcədə istifadə olunur. Bu, kontraktın şərtidir. Başqa şərtlər müvafiq olaraq bərabərdirsə, birinci növbədə Azərbaycan şirkətlərinə, Azərbaycan qurumlarına bu sifarişlər təqdim edilməlidir. Allaha şükür, kadrlarımız var və onların sayı da artır. Bu gün Dövlət Neft Şirkətinin tərkibində, xaricdə yaradılmış qurumlarında Harvardı, 138 Oksfordu yox, bir  Oksfordu və tanınmış universitetləri bitirmiş mütəxəssislər var.
Azərbaycan vətəndaşları bu gün əməliyyat şirkətlərində maksimum dərəcədə çoxluq təşkil edirlər. Bu gün BP Ek-sploreyşn (Azərbaycan) şirkətinin prezidenti  Rəşid Cavanşir Milli Məclisin iclasında iştirak edə bilmədi. Oxuyuram: Seymur Xəlilov vitse-prezidentdir, Hüseyn Qasımov biznes inkişaf meneceridir, Elyar Əliyev hüquq məsləhətçisidir. BP Eksploreyşn (Azərbaycan) şirkətini təmsil edən bu 3 azərbaycanlı gənc bilikli, savadlı insandır. Bunlar çoxluq təşkil edir.
Neft haqqında qanuna gəldikdə isə yenə təkrar edirəm, bu qanunla tək bu sahəni əhatə etmək mümkün deyil. Bundan sonra sizə ikinci kontraktı təqdim edəcəyəm, tam fərqli şərtlər var. Mən bu dəqiqə hər bir yatağa uyğun olaraq ancaq neft sahəsinin bircə tərəfini əhatə edirəm. Emaldır, daşınmadır, nə bilim, nəqliyyatdır, filandır qırağa qoyuram, ancaq işlənmə, kəşfiyyat məsələlərini qeyd edirəm. Bütün bunları bir qanunun çərçivəsinə yığmaq, mənim fikrimcə, mümkün deyil.
İkincisi, kəşfiyyat və axtarışa aid qanunu hazırladıq, təqdim elədik. Belə bir təşəbbüs də var idi. Təqdim etdilər, bir maddə ilə o qanun heç  oldu. Bu kontrakt mütləq Milli Məclisdə təqdim və qəbul edilməlidir. Hər şeyi kənara qoy-uram, xüsusi qanun ümumi qanundan hər zaman üstün olur. Əgər bu kontrakt təqdim olunursa və burada təsdiq olunursa, o qanuna nə ehtiyac var. Əgər qanun olub kontrakt təqdim olunmayacaqsa, əmin ola bilərsiniz ki, burada oturanların əksəriyyəti görəsən, Dövlət Neft Şirkətinin rəhbərliyi  orada nə yazıb, bu kontraktı niyə bizdən gizlədirlər deyəcək. Bun-dan açıq, bundan şəffaf yol varmı? Mənim fikrimcə, yoxdur.
Sonra, Azərbaycan Respublikasında “qanunvericilik sis-temi” adlı bir anlayış var. Qanunvericilik sistemi yaradılıb, müvafiq, ümumi qanunlar mövcuddur. Yerin təki haqqında, energetika haqqında qanunlar, üstəgəl, dövlət başçısının sərəncamları, fərmanları, hökumətin bu kontraktın içində qərarı var. Bunların hamısı bir yerdə qanunvericilik sistemini yaradır. Bundan şəffaf, bundan açıq nə ola bilər? Əgər kim isə  neft haqqında qanun yaratmaq istəyirsə, mən bu başdan deyə bilərəm, aşağısı 1380 qanun hazırlanmalı, bir yerə yığılmalıdır.  Bütün neft sənayesini əhatə edən sistemi yaratmaq üçün 100 illər lazımdır. Mənim fikrimcə, bizim komissiya buna qadir deyil. Biz şəffaf şəkildə hazırlanıb, təqdim olunan sistemi niyə rədd etmək istəyirik, mən bunu başa düşə bilmirəm.
Bir də, burada Ortaq Neft Şirkəti haqqında danışıldı. Fikir verdinizsə, kontraktda yazılıb ki, ARDNŞ dövlət qurumu olaraq dövləti təmsil edir, podratçı tərəfi yox. Podratçı tərəf olaraq öz boynuna heç bir riski götürmür. Dövlət tərəfindən  nəzarət edən, tənzimləyən bir qurumdur. Mən bayaq sizə R əmsalı əsasında qurulmuş mənfəət karbohidrogenlərinin bölgüsü cədvəli haqqında danışdım. Dövlətin payı 45 faizdən başlayır, Ortaq Neft Şirkətinin  mənfəət hissəsini də üstünə gəlsək,  70  faizdən yuxarıya çıxır. Sonda da  dövlətin payı artdıqca podratçıların pay hissəsi azalır. Dövlətin payı  Ortaq Neft Şirkəti ilə bir yerdə 95 faiz olur. Orada kim gedib çalışmalıdır? Əlbəttə ki, Ortaq Neft Şirkəti. Ticari qurum çalışmalıdır. Dövləti təmsil edən qurum kontraktın hissəsi ola bilməz. Çox üzr istəyirəm, əgər yetərlidirsə,  münasibət bildirək, qəbul edək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  109
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Növbəti  məsələ Azərbaycan Respublikasında Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE–LANSER PTİ. LTD və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov. Çox sağ olun. Təşəkkür edirəm, cənab Sədr.  Cənab Sədr, icazə versəniz, ancaq bu sazişi bundan öncə təqdim etdiyim sazişdən fərqləndirən müddəaları təqdim edim, çünki eyni şeyləri bir də təkrar etməyə  ehtiyac yoxdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1/77 saylı  2011-ci il 7 aprel tarixli məktubu ilə Azərbaycan Respublikasında Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE–LANSER PTİ. LTD və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və müvafiq saziş Milli Məclisin müzakirəsinə təqdim edilibdir.
Hər zaman olduğu kimi, saziş imzalanmamışdan öncə tərəflər arasında danışıqlar nəticəsində bu sazişin kommersiya prinsipləri və müddəaları razılaşdırılıb və müqavilə bağlanmışdır. Bu sazişin əsasında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 17 noyabr tarixli 47 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinə   yuxarıda adı çəkilən müqavilənin əsasında təqdim edilmiş sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf-müqabil qismində sazişin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının mənafeyini təmsil etmək  səlahiyyəti verilmişdir.
Saziş 2010-cu il iyun ayının 3-də Bakı şəhərində imzalanmışdır. Tərəflər bir tərəfdən hökumət təşkilatı qismində Azərbaycan Respublikasının  Dövlət Neft Şirkəti, podratçı qismində xarici podratçı Sinqapur Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən UQE–LANSER PTİ. LTD şirkəti və 100 faiz Dövlət Neft Şirkətinə məxsus olacaq və Dövlət Neft Şirkəti tərəfindən müəyyən bir vaxtda yaradılacaq Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətidir.
Kontrakt sahəsi təxminən 16,14 kvadratkilometrdir. Bunlardan da Balaxanı–Sabunçu–Ramana neft yataqları 15,74 kvadratkilometr və  Kürdəxanı neft yatağına 0,4 kvadratkilometr aiddir. Yataqlar çox köhnədən işlənən yataqlardır. Balaxanı–Sabunçu–Ramana neft yatağı 1871-ci ildən işlənmədədir. İşlənmənin əvvəlindən indiyə qədər bu yataqdan 271 milyon ton neft çıxarılmışdır. 2011-ci il 1 yanvar tarixinə qalığa çıxarıla bilən neft yatağı 7 milyon 60 min tondur. 2013-cü ildə bu yataqlardan 209 min 800 ton neft çıxarılmalıdır. Yataqlar köhnə, uzun müddət işlənmədə olduğuna görə yataqlarda həm neft hasilatı çox aşağı səviyyədədir, həm də yataq üzrə orta sulaşma dərəcəsi 95,4 faizdir. Yəni quyulardan çıxarılan mayenin 95,4 faizi  lay sularıdır. İşlənmənin əvvəlindən indiyə qədər yataqda 9549 quyu qazılmışdır. Bunlardan 2011-ci il yanvarın 1-nə 1125 quyu işlək fonddadır, 84 suqoruyucu quyu  işlək fonddadır, 25 quyu müşahidə  fondundadır və 8315 quyu ləğv olunubdur.
Kürdəxanı sahəsində geoloji axtarış və kəşfiyyat işləri 1914–1947-ci illərdə aparılmışdır. Yataq aşkar edilən zaman yatağın ilk balans neft ehtiyatı 2,4 milyon ton, ilk çıxarıla bilən neft ehtiyatı 400 min ton idi, işlənmənin əvvəlindən 2011-ci il 1 yanvar tarixinə qədər bu yataqdan 195 min ton neft çıxarılmışdır. Yataqda çıxarıla bilən neft ehtiyatı 205 min tondur. 2010-cu ildə yataqdan cəmi 200 ton neft çıxarılmışdır. Yataqda işlənmənin əvvəlindən bu günə qədər 59 quyu qazılmışdır. 2011-ci ildə bu yataqdan neft çıxarılmır, bütün quyular fəaliyyətsizdir. 
Podratçı tərəflərin arasında iştirak payları bu cür bölünübdür: xarici podratçı tərəfin payı 75 faiz,  Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin payı 25 faizdir. Yəqin ki, bu fərqi görürsünüz. Bundan əvvəlki sazişdə Ortaq Neft Şirkətinin iştirak payı 50 faiz idi. Orada təzə yataq açılacağı, böyük ehtiyatlar gözləndiyi üçün Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin pay hissəsi 50 faiz idi. Buradakı köhnə yataqlardır və böyük mənfəət qazanmaq mümkün olmayacaqdır. Ona görə də Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin iştirak payı 25 faiz saxlanmışdır.
“Qüvvəyə minmə tarixi” anlayışının  tərifi, bununla bağlı tədbirlər, prosedurlar 27-ci maddədə geniş  izah edilibdir. Qüvvəyə minmə tarixindən sonra 90 gündən gec olmayaraq podratçı kontrakt sahəsinin bərpası və hasilatı planının layihəsini, bərpa və hasilatı  proqramını hazırlayır və Dövlət Neft Şirkətinin təsdiqinə təqdim edir. Bu planda podratçının bərpa və hasilat proqramının Dövlət Neft Şirkəti tərəfindən təsdiqindən 2 il keçdikdən sonra 90 ardıcıl gün ərzində kontrakt sahəsindən xam neft hasilatının 2009-cu ilin xam neft hasilatının orta sutkalıq səviyyəsinə çatdırmaq öhdəliyi var. Həmin öhdəlik podratçı tərəfindən yerinə yetirilmədikdə Dövlət Neft Şirkəti bu sazişin 34.1b maddəsinə uyğun olaraq sazişin qüvvəsinə xitam vermək hüququna malikdir. Qüvvəyə minmə tarixindən etibarən podratçının çəkdiyi və bu sazişin xitamı tarixinədək əvəzi ödənilməmiş bütün məsrəflərin əvəzi ödənilməyəcəkdir.
İşlənmə və hasilat dövrü podratçı tərəfindən hazırlanmış bərpa və hasilat proqramının Dövlət Neft Şirkəti tərəfindən  təsdiqi tarixindən başlayır. Bu işlənmə və hasilat dövrü 25 il ərzində davam edə bilər. 25 illik müddət başa çatdıqdan sonra işlənmə və hasilat dövrü Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunarsa, əlavə 5 il müddətinə uzadıla bilər. Əlbəttə, podratçı tərəflər maliyyə təminatlarını da bu sazişdə verirlər. Lazım olan bütün maliyyə təminatı podratçı tərəfindən təmin ediləcəkdir.
Ancaq bir önəmli nöqtəyə diqqətinizi cəlb etmək istəyirəm. Xarici tərəf öhdəsinə götürür ki, qüvvəyə minmə tarixindən etibarən karbohidrogenlərin orta gündəlik hasilatı 2009-cu ildəkindən 2 dəfə artıq həddə çatacağı təqvim rübü müddətində başa çatmasınadək neft-qaz əməliyyatları ilə bağlı bütün,  o cümlədən Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin iştirak payına düşən məsrəfləri xarici tərəf ödəyəcəkdir. Yuxarıda sadaladığım maliyyələşdirmənin əvəzini Ortaq Neft Şirkəti öz payına düşən məsrəflərin ödənilməsi üçün ayrılmış mənfəət karbohidrogenləri ilə və ya da digər əlverişli bir qaydada tamamilə və ya qismən, avansla ödəyə bilər. Yəni çox çevik bir ödəmə sistemi yaradılır.
Orta gündəlik hasilat 2009-cu il hasilatından 2 dəfə artıq səviyyəyə çatandan sonra Ortaq Neft Şirkəti öz payını özü maliyyələşdirməlidir. Maliyyənin ödənilməsi bütün sazişlərdə olan şərtlərlə  göstərilibdir.  Fərq bircə mənfəətli karbohidrogenlərin bölünməsindədir ki, bu da yenə də R əmsalı mezanizminə əsaslanır. Dövlət təşkilatı qismində çıxış edən Dövlət Neft Şirkətinin payı R əmsalı 1,25-ə çatanadək 40 faizdir, podratçının  payı 60 faiz. Layihənin mənfəətliyi artdıqca dövlətin payı 90 faizə qədər artır, podratçının payı 10 faizə qədər azalır. Ancaq bundan öncə olduğu kimi, Azərbaycan tərəfinin – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkətinin payı mənfəətli karbohidrogenlər cədvəli ilə  R əmsalı 1,25-ə çatana qədər 55 faiz, xarici podratçının hissəsi 45 faiz, layihənin  mənfəətliyi artdıqca Ortaq Neft Şirkətinin payı 92,5 faizə qədər artır. Xarici podratçının hissəsi mənfəətli karbohidrogenlərdə 7,5 faizə qədər azalır.
Bundan başqa, xarici podratçı tərəf Dövlət Neft Şirkətinə “yerli bazar nefti” adlandırılmış nefti hər il satmalıdır. Birinci il 42700  ton, ikinci il 42200 ton, üçüncü il 41800 ton, dördüncü il 41400 ton. Bunun əvəzini Dövlət Neft Şirkəti yerli bazar neftinin qiyməti ilə ödəməlidir. Yerli bazar neftinin  bir barrelinin bu gün Azərbaycanda müəyyən olunmuş qiyməti 53 manat 65 qəpikdir. Dünya bazarındakı qiymətlərdən qat-qat aşağı səviyyədədir. Bu da  sazişin Dövlət Neft Şirkəti üçün üstünlüklərindən biridir.
Bütün sazişlərdə olduğu kimi, təbii səmt qazı çatdırılma məntəqəsində Dövlət Neft Şirkətinə pulsuz ötürülməlidir. Qüvvəyə minmə tarixindən 30 gün ərzində 2 milyon ABŞ dolları məbləğində bonus ödənilməlidir. Bundan başqa, saziş sahəsində ardıcıl  90 gün ərzində 2009-cu ilin orta sutkalıq xam neft hasilatı səviyyəsini 1,5 dəfə ötən orta sutkalıq xam neft səviyyəsinə nail olduqdan sonra 30 gün ərzində 2 milyon ABŞ dolları məbləğində bonus Dövlət Neft Şirkətinə ödənilməlidir.
Əməliyyat şirkəti və işçi heyəti haqqında, yəqin ki, danışmağa dəyməz, çünki bunlar təkrar olunan müddəalardır. Burada faizlər bir az daha yüksəkdir, çünki köhnə yataqdır və köhnə yataqda işləyənlərin hamısı  işlə təmin olunmalıdır. Vergilərdir, rəhbər komitənin yaradılması, gömrük prosedurları, illik iş proqramları və büdcələrin hazırlanması, təqdim edilməsi, razılaşdırılması prosedurları, icrası, icraya nəzarət haqqında müddəalar təkrar olunur. Bir də təkrar etməyə, yəqin ki, ehtiyac yoxdur.
Yenə də bu sazişi hazırlayan mütəxəssislərə, qurumlara minnətdarlığımı bildirirəm. Əminəm ki, Milli Məclisin deputatları bu sazişi və müvafiq qanun layihəsini dəstəkləyib lehinə səs verəcəklər, bununla da sazişin icrasına başlamağa imkan yaradacaqlar.  Əminəm ki, işləri yaxşı gedəcəkdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Oqtay müəllim. Bundan əvvəl biz BP şirkəti ilə imzalanmış sazişi təsdiq etdik. Mən ona səs verdim. BP dünyada tanınmış transmilli bir şirkətdir və bu şirkətin Britaniya hökumətinə də təsir imkanları var. Hətta vaxtilə Amerika Birləşmiş Ştatlarının 200-dən artıq sərnişini olan təyyarəsini partladan və ömürlük həbs cəzası alan Liviya vətəndaşını azad etdirə bildi ki, Liviyada neft sazişləri ala bilsin. Azərbaycanın belə bir böyük şirkətlə əməkdaşlıq etməsi məqsədəuyğundur. Ona görə də mən ona səs verdim. Düzdür, mən bilmirəm, Azərbaycan hökuməti Qarabağ probleminin həllində bu şirkətin imkanlarından nə qədər istifadə edə bilir və bundan sonra edə biləcək? Hər halda belə bir şirkətlə əməkdaşlıq Azərbaycanın dövlət maraqlarına cavab verir. Ona görə də mən buna səs verdim.
İkinci şirkətlə bağlı, Valeh müəllim, mən sazişlə tanış olanda maraq üçün İnternetdə bir axtarış verdim, görüm, bu şirkəti kimlər təsis ediblər, nə vaxt yaranıb? Bir məlumat çıxmadı. Azərbaycanda hətta  əlinə bir dəfə mikrofon almış müğənnilərin də İnternet saytı, orada şəkilləri, özləri haqqında məlumat var. Mən, ola bilsin ki, düz axtarış verməmişəm, tapa bilməmişəm. Əgər belə deyilsə, hamıdan üzr istəyirəm. Amma bizim jurnalistlər yuxarıda əyləşiblər, mən xahiş edərdim, onlar araşdırsınlar, görək, bu şirkət haqqında hansı məlumatı  əldə edə bilərlər?
Bir vaxt Pənah Hüseyn də burada bu cür bir sazişi təsdiq edərkən  Dubayda yaradılmış “Bahar LTD” şirkətinin Azərbaycandakı hüquqi ünvanını axtarmışdı. Həmin hüquqi ünvanda ona demişdilər ki, belə bir hüquqi şəxs burada qeydiyyatda yoxdur. Naxçıvanda saxta arağa “donqulu” deyirlər. O vaxt Pənah bəy həmin şirkətin donqulu şirkət olduğunu göstərmişdi. Məndə də ciddi şübhə var ki,  bu şirkət də donqulu, yəni saxta şirkətdir. Sözün doğrusu, ola bilməz ki, bu şirkət haqqında İnternetdə məlumat olmasın. Valeh müəllim indi məlumat verər ki, bu şirkət Azərbaycandan başqa hansı ölkədə fəaliyyət göstərir? Mən maraqlandım, bu şirkəti təqdim edən Frankfurtda qeydiyyatdan keçmiş bir konsaltinq şirkətidir. Guya bu şirkət Sinqapurda qeydiyyatdan keçib. Kimlərin qeydiyyatdan keçirdiyi barədə bizə ətraflı məlumat verilmir. BP ilə bağlı belə məlumata ehtiyac yoxdur. Ona görə ki, BP tanınmış bir şirkətdir.
Bundan başqa, sazişdə qeyd olunur ki,  təqribən 2 il 3 aydan sonra   istehsalın həcmi 1,5 dəfə artacaq. Saziş qüvvəyə minəndən sonra istehsalın həcmi 2009-cu ildəkindən 1,5 dəfə artacaqdır. Onda istehsal olunan neftin 75 faizi satılacaqmı, yəni gəlir gətirəcəkmi? Sazişdən belə çıxır ki, onlar bizim pulumuzu götürəcəklər. Nə qədər investisiya yatıracaqlar? Sazişdə bu barədə bir məlumat yoxdur. Valeh müəllim, Sizin də çıxışınıza qulaq asdım. Onların bu müddət ərzində  buraya nə qədər vəsait qoyacaqlarını söyləmədiniz. Belə çıxır ki, 2 il 3 ay ərzində onlar bizim istehsal etdiyimiz neftin 75 faizini götürəcəklər, yenə həmin pulu təzədən Azərbaycanda yatıracaqlar. Bundan sonra 1,5 faiz artacaq, bunun da 75 faizini yenə onlar götürəcəklər. Görün neçə il  lazımdır ki, bunlar bizə gəlir versin, yəni Azərbaycana bunun bir xeyri dəymiş olsun.  Hesab edirəm ki, mənşəyi, kimliyi bəlli olmayan bu cür şirkətlərlə  imzalanmış sazişləri Milli Məclis  məsuliyyətin altına girib  təsdiq etməməlidir. Bu, Azərbaycan xalqının varidatıdır və xalqın  talanmasına biz imkan verməməliyik.
Bundan başqa, mən yeri gəlmişkən söyləmək istəyirəm. Mən mətbuatda oxudum ki, Dövlət Neft Şirkəti  xarici ölkələrdə 7 milyarda qədər investisiya qoymaq fikrindədir. Əvvəla, bu vəsait Azərbaycanda yatırılmalıdır, Azərbaycana investisiya qoyulmalıdır, iş yerləri açılmalıdır. Azərbaycanda buna çox böyük ehtiyac var. İkinci, Dövlət Neft Şirkətinin, – hörmətli Rövnəq müəllim burada əyləşib, təsdiq edər, – azərbaycanlı sahibkarlara 100 milyonlarla borcu var. Hətta bunun biri ilə bağlı Rövnəq müəllimə müraciət etmişəm və nəticəsi də yoxdur.  Söz verdi, etmədi. Mən mətbuatda oxumuşdum ki, vaxtilə Rövnəq müəllimin özü hansısa şirkətin prezidentinin sürücüsü olub, indi həmin şirkətin Dövlət Neft Şirkəti ilə sazişi var və Dövlət Neft Şirkəti həmin şirkətin pulunu vermir. Bu adam axı maaş almalıdır. Həmin şirkət öz işçilərinə maaş verməlidir. Bunu niyə söyləyirəm? Ona görə söyləyirəm ki, öz vətəndaşlarımıza, sahibkarlarımıza hörmətlə yanaşmalıyıq. Bundan sonra biz başqa iri layihələr haqqında düşünməliyik.
Mən sonda bir daha bizim millət vəkillərinə müraciət edib deyirəm ki, bu məsələlərə aydınlıq gəlməyincə, məncə, bu cür sazişləri təsdiq etməməliyik. Əvvəllər Dubayda yaradılan “Bahar LTD” ilə sazişi təsdiq etmişik. İstərdim, həmin şirkət haqqında məlumat versinlər ki, işləri necə gedir, onlar nə iş görürlər? Biz təsdiq etdiyimiz sazişlərə görə məsuliyyət daşıyırıq. Şirkətlərlə təsdiq elədiyimiz sazişlərin gedişi ilə bağlı Milli Məclisdə məlumat verilməsini doğru-düzgün sayıram və tələb edirəm ki, bu barədə bizə məlumat  verilsin. Sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev bəlkə də bu şirkətlərin vəziyyətini öyrənməyib. Öz fikrini doqma kimi deyirsən,  bir balaca araşdırmaq, sonra da belə fikirlər söyləmək olar. Asim Mollazadə, buyurun.
A.Mollazadə. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Bu gün müzakirə etdiyimiz Balaxanı–Sabunçu–Ramana və Kürdəxanı yataqları dünya neft tarixinin ən qədim yataqlarındandır. Hamımız gözəl bilirik ki, uzun illər boyu Rusiya imperiyası, Sovet İttifaqı zamanı bu yataqlar çox ciddi istismar olunub. Ümid var ki, bu yataqlardan 250 milyon ton neft çıxarılacaq. Bu çox  əhəmiyyətli amildir. Lakin bu bölgənin bir çox ciddi xüsusiyyətləri var.  Azərbaycanın Abşeron bölgəsində ekoloji nöqteyi-nəzərdən ən ağır vəziyyət mövcuddur. Həmin ərazidəki yataqlar illər boyu istismar olunub və ekologiyaya, yəni ətraf mühitə diqqət göstərilməyib.
Bildiyimə görə, Geologiya İnstitutunun, bir sıra araşdırma mərkəzlərinin keçirdiyi çox ciddi araşdırmalar nəticəsində məlum olub ki, burada Azərbaycanın bu bölgəsinin ətraf mühitinə böyük  zərbə vuran və indiyə qədər mövcud olan radon gölləri var. Abşeronda Azərbaycanın ekologiyasına  və həmin bölgədə yaşayan vətəndaşların sağlamlığına ağır təsir göstərən, keçmiş günlərimizdən qalmış bir ərazimiz var. Mənim üçün çox mühümdür ki, bu gün imzalanan sazişdə ətraf mühitlə bağlı  həm Azərbaycan Dövlət Neft Şirkəti, həm də onunla saziş bağlayan şirkət hansı işləri aparmağı planlaşdırır? Hörmətli Qüdrət müəllim, mənim də bu şirkət haqqında məlumatım yoxdur. Azərbaycan dövlətinin qarşısında duran və dəfələrlə Prezidentin çox önəm verdiyi  ətraf mühitin problemlərini qabardan məsələlərlə bağlı hansı işlər görüləcək? Mən istərdim ki, bu məsələyə çox ciddi diqqət yetirək.
İl ərzində 43 milyon ton neft böyük önəm daşımır. Bu gün Azərbaycanın həm dünyanın, həm də Avropanın enerji sisteminə digər sahələrdən böyük töhfələri var. Bizi maraqlandıran əsas məsələ köhnə yataqların ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması və həmin bölgələrdə Azərbaycan vətəndaşlarının sağlamlığına yönəlmiş proqramların həyata keçirilməsidir. Bu sazişin parlamentdə müzakirə və təsdiq edilməsi mənə aydın deyil. Nə üçün biz bunu edirik? Amma ətraf mühit amilinin sazişdə əksini tapmaması müəyyən qədər bizi narahat edir.
İkinci amil bununla bağlıdır, biz tarixən bilirik ki, Ramana və Balaxanı yataqlarındakı neftin nadir keyfiyyəti var. Bəlkə də neftin bu keyfiyyəti bizi vadar edir ki, biz yenidən saziş imzalayaraq xarici tərəfdaş dəvət edək.  Mənim bir sualım var: bizim xarici tərəfdaşın yeni texnologiyaları varmı, biz bu texnologiyaların vasitəsilə 10 illərlə işlətdiyimiz yataqlardan daha çox  və yüksək keyfiyyətli neft emal edə biləcəyikmi? Bu şirkətin hansı yeni texnologiyaları bu gün Azərbaycanı bəhrələndirə bilər? Biz deyirik ki, Dövlət Neft Şirkətinin artıq təcrübəsi, kadr potensialı  və kadrlarının bilikləri, bacarıqları artıb. Bu şirkət bizə nə gətirir? Bu şirkət bizi nəylə gücləndirir ki,  Azərbaycanın cəmi 25 faiz mənfəəti olan sazişi imzalayırıq və 75 faizlik mənfəəti xarici tərəfdaşımıza veririk? Mən istərdim, bu daha aydın olsun. Yəni hansı yeni yüksək texnologiyalar, Azərbaycanda mövcud olmayan maliyyə imkanları gətirilir? Ətraf mühit ilə bağlı bu saziş Azərbaycan xalqına və  dövlətinə nə verir? Mənə elə gəlir ki, bu əsas amil olmalıdır. Bizim bu sazişi təsdiqləmək qərarımız məhz bu amillərlə bağlı  olmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hər iki sazişi diqqətlə oxumuşam və tutulan iradlarla da razıyam. Birinci sazişə səs verdik. Amma ikinci sazişdə bir neçə məqam var ki, bunlarla da maraqlanıram. Bəzi məsələlərə aydınlıq gətirilməsini istəyirəm.
Birinci, müqavilədə göstərilir ki, Azərbaycan Dövlət Neft Şirkəti Balaxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi kontrakt sahəsində müəyyən işlər görmüşdür. Amma buna baxmayaraq, pay bölgüsündə cəmi 25 faiz pay ilə iştirak edir. Bu nə dərəcədə doğrudur? Bu, izah olunmalıdır. Valeh müəllim hərçənd bu məsələyə bir az toxundu, amma hər halda ciddi izah olunmalıdır.
İkinci, 3.2-ci maddənin “c” bəndində deyilir: “Podratçı yuxarıda sadalananların verilməsi ilə əlaqədar ARDNŞ-nin çəkdiyi bütün qanunauyğun  ağlabatan faktik müstəqim məsrəfləri ödəyir...” Bu məsələ podratçı tərəfin ixtiyarına buraxılır, ağlına batarsa, ödəyər, batmazsa, ödəməz. Həmin bənd dəyişdirilməli və əsaslandırılmış şəkildə göstərilməlidir, çünki  tərəflər arasında mübahisə yaranarsa, bu, beynəlxalq instansiyalarda həll olunacaqdır. Dezomontaj olacaqdır və avantaj tərəfin üzərində olmalıdır. Bu, məncə, nəzərə alınmalıdır.
4-cü maddədə müştərək əməliyyat şirkətlərinin tərkibi pay bölgüsünə uyğun  olaraq müəyyənləşdirilir. Mən hesab edirəm ki, rəhbər komitənin yaradılmasında paritet əsaslar göstərilib. Bu doğrudur. Məncə, müştərək əməliyyat şirkətinin tərkibi də pay bölgüsünə görə yox, paritet əsaslarla yaranmalıdır. Çünki bu qurum, əslində, ən ciddi məsələlərlə məşğuldur, həm subpodrat müqavilələr bağlayır, həm də digər ciddi məsələlər daxil olmaqla əsas məsələlər onun üzərindədir.
Digər maddələrdə isə məsuliyyət bölgüsü bərabərdir. Məsuliyyət bölgüsündə paritetlik təmin edilsəydi, onda bəlkə də bu məsələ ilə razılaşmaq olardı. Bu mənada müştərək əməliyyat şirkətinin direktorlar şurasının tərkibi məsələsinə də baxılmalıdır. Başqa yerdə göstərilir ki, əgər kontrakt bağlanan ərazidən kənara ehtiyatlar çıxarsa, həmin sahələri Azərbaycan Dövlət Neft Şirkəti sərbəst olaraq digər tərəfə istifadəyə verə bilər. Amma, məncə, yeraltı, yerüstü sərvətləri Dövlət Neft Şirkəti müstəqil şəkildə verə bilməz. Sadəcə olaraq, saziş təzələnə, buraya yeni bənd əlavə oluna bilər. Sənəd yenidən Milli Məclisdə müzakirə edildikdən sonra nəzərə alınmalıdır. Mən də hesab edirəm ki, bu müqavilə müəyyən qədər işlənməlidir. Əvvəlki müqavilədən xeyli dərəcədə çiy görünən bir sənəddir.
Sədrlik edən. Valeh müəllim çıxışının əvvəlində dedi ki, bu layihələrdə fərq var. Biz indiyə kimi neçənci dəfədir ki, belə layihələri müzakirə edirik. Hesab edirəm ki, millət vəkillərinin əksəriyyəti artıq bu məsələləri bilirlər. Yəqin, ya Rövnəq müəllim, ya da Valeh müəllim izahat verəcək. Buyurun, Valeh Ələsgərov.
V.Ələsgərov. Bundan öncə müzakirə etdiyimiz sazişi bu sazişlə və iki  xarici podratçı şirkəti müqayisə etmək düzgün deyil. BP özü yox, BP-nin onda biri də bu cür köhnə yataqlarda – 1100 işlək quyu fondu olan, hər  10 tona yarım ton neft düşən yataqda heç vaxt işləməz, bunu özünə, adına layiq bilməz. Böyük şirkətlər böyük layihələrdə, kiçik şirkətlər kiçik layihələrdə işləyir. Bundan öncə müzakirə etdiyimiz sazişdə də BP şirkəti işləməyəcək, BP-nin törəmə şirkəti işləyəcəkdir. Həmin sahədə də bu layihə üçün yaradılmış UQE-LANSER şirkəti iş görəcək.
Mütəxəssis kimi mənim üçün önəmlisi ondan ibarətdir ki, podratçı tərəf neft-qaz əməliyyatlarını neft-qaz sənayesində qəbul edilmiş və tətbiq edilən beynəlxalq prinsiplərə və standartlara uyğun olaraq işgüzarlıqla, təhlükəsiz və səmərəli şəkildə aparmağı öhdəsinə götürür,  bu bir. Podratçı həm də zəmanət verir ki, bu sazişi icra etmək üçün tələb olunan inzibatçılıq və idarəetmə, texniki və texnoloji biliklərə və təcrübəyə, müvafiq maliyyə ehtiyatlarına malikdir. Əgər məlum olsa ki, verilən zəmanətlərin, öhdəliklərin hansısa yalandır, beynəlxalq hüquqa görə məhkəmə yolu ilə müəyyən oluna bilən zərərlər şirkət tərəfindən ödənilməlidir. Heç bir şirkət belə öhdəliyin  altından imza atmaz. Mənim üçün mütəxəssis olaraq bu öhdəliklər hər şeydən önəmlidir.
Bizim istehsal etdiyimiz neftin bir qramını da heç bir şirkət Balaxanı–Sabunçu–Ramana yatağından götürə bilməyəcək və götürməyəcək. Şirkət  ancaq özü istehsal etdiyi, xərcini, əziyyətini çəkdiyi neftdən götürə bilər. Sazişdə göstərilmiş pay bölgüsü proqramına, cədvəlinə uyğun olaraq çəkilmiş əsaslı, əməliyyat xərcləri, birinci növbədə, bütün sazişlərdə olduğu kimi, neftdən ödəniləcək. Özü də Dövlət Neft Şirkəti tərəfindən yoxlanılandan sonra əsaslı xərclər ödəniləcəkdir,  neftin 50 faizinə qədər qalan hissəsi isə mənfəət şəklində bölünəcəkdir. Yəni heç kimin neftini aparmırlar. İstehsal etdiyi, sazişdə məsrəflərin ödənilməsi üçün nəzərdə tutulmuş həcmini və mənfəət karbohidrogenlərindən payına düşən hissəni apara bilər. Bizim neftimizi aparmayacaqlar.
Bundan başqa, istehsal etdiyi neftin, bayaq mən oxudum, birinci 4 ildə neçə min tonunu Dövlət Neft Şirkətinə yerli bazar qiymətinə – 53 manat 65 qəpiyə təqdim edəcəkdir. Dünya bazarında neftin qiyməti 100 dolları çox  keçib. Bu şirkət Dövlət Neft Şirkətinə yerli bazar neftinin bir barrelini 9 dollar 85 sentə verəcəkdir. Bundan başqa, bu şirkət öhdəlik götürüb ki, Ortaq Neft Şirkətinin payına düşən maliyyəni neft hasilatı iki dəfə artana qədər ödəyəcəkdir. Bu da çox böyük riskdir. Ancaq həmin riski bu şirkətin boynuna qoyublar.
Nə qədər investisiya yatıracaqlar? Bunu heç kim bu gün deyə bilməz.  Ancaq bərpa və işlənmə proqramı sazişdə yazıldığı müddət ərzində təqdim  və Dövlət Neft Şirkəti tərəfindən təsdiq olunarsa, bunun əsasında birinci il üçün iş proqramı və illik iş büdcəsi imzalanacaq. Bunun da əsasında işlər görüləcək. Gəlir haqqında təxminən  30–50 faiz demək olar. Ancaq bərpa və işlənmə proqramı təsdiq olunmayana qədər heç kim dəqiq deyə bilməz. Əlbəttə, söhbət milyonlardan gedir, ancaq heç kim dəqiq rəqəm deyə bilməz.
Dövlət Neft Şirkəti xaricdə sərmayə qoymaq istəyir, sərmayə qoyur və qoyacaq. Yaxşı da edəcək, çünki Dövlət Neft Şirkəti xaricə çıxmasa, xaricdə əməliyyatlar aparmasa, daxildə boğula bilər. Bütün şirkətlər çalışırlar ki, xaricə çıxsınlar, əməliyyatlar aparsınlar. Kiçik bir misal gətirim. Öz neftini, neft məhsullarını burada satıb, son nəticədə satış məntəqəsində yaranan mənfəəti kiməsə verməkdənsə, özün bunu etsən, daha yaxşı olar. Yəqin ki, bunları izah etməyə ehtiyac yoxdur. Ancaq, fikrimcə, bütün şirkətlərin getdiyi yol ilə Dövlət Neft Şirkəti də getməli, xaricdə də əməliyyatlar aparmalı, sərmayələr qoymalıdır.
Ekologiya sahəsinə aid yüz ildən çox bir müddətdə əcdadlarımızın və bizim gördüklərimiz işlərin nəticələrini Asim müəllim söylədi. Ancaq sazişdə ekologiyaya aid standartlara uyğun çox geniş,  mükəmməl şəkildə yazılıb və bunlar ardıcıllıqla icra olunmalıdır. Hansı yeni və ya dünyada məlum olan texnologiyaları gətirəcəklər? Heç bir şirkət deyə bilməz ki, mənim filan texnologiyam var, heç kimsədə yoxdur. Texnologiyanı alırlar, kimsə icad edir, sonra  texnologiyalar pula alınır, dəyişdirilir və tətbiq olunur. Hər hansı xarici şirkətin texnologiyaları yoxdur. Amma məlum, beynəlxalq standartlara uyğun olan texnologiyaları tətbiq etmək haqqında öhdəliklər var.
Fərəc müəllim dedi ki,  Azərbaycan tərəfinə mənfəətin cəmi 25 faizi çatacaq. Bu adam sazişi oxumayıb. Əgər Ortaq Neft Şirkətinin  hissəsi 20 faizdirsə, bu o demək deyil ki... Azərbaycanın payı R əmsalı ilə bölünmə cədvəlində göstərilib. Azərbaycanın hissəsi 50 faizdən başlayıb 95 faizə qədər gəlib çatır. Bu isə Ortaq Neft Şirkəti ilə bir yerdə dövlətin hissəsidir.
“Ağlabatan” termini, Fərəc müəllim, əmin ola bilərsiniz ki, işlənilir. Bu sahədə çox böyük təcrübəm var. Beynəlxalq hüquq təcrübəsində “ağlabatan tədbirlər”, “ağlabatan hərəkətlər” terminləri var. Məhkəmədə isbat oluna bilən bir termindir. Bu ərazidən qırağa çıxan ərazidə yeni ehtiyatlar aşkar olunarsa, sazişdə yazılıb ki, bu ehtiyatları və ya da  ərazini kontrakt sahəsinə daxil etmək Dövlət Neft Şirkətinin öhdəliyi deyil, ancaq hüququdur. Dövlət Neft Şirkəti üçün bu kəşfi etmiş şirkət müvafiq işlənmə, kəşfiyyat,  hasilat proqramı təqdim etsə, bu proqramlar müvafiq standartlara uyğun olsa, müvafiq sərmayələrin təmin olunması öhdəliklərini Dövlət Neft Şirkəti təsdiq etsə, onda əlavə oluna bilər. Ancaq sazişdə belə bir şey  yoxdur, yazılmayıb. Əksinə, yazılıb ki, belə bir öhdəlik  yoxdur. Xahiş edirəm, sazişə səs verək, təsdiq edək. İmkan verək ki, işləsinlər. Bu köhnə sahədə Dövlət Neft Şirkətinin dövlət şirkəti olaraq işləməsini mən şəxsən faydalı saymıram.
Sədrlik edən. Əgər çıxış üçün yazılan həmkarlardan etiraz yoxdursa, Dövlət Neft Şirkətinin prezidentinə söz verək. Valeh müəllim çox düzgün izahat verdi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid edirsən? Buyur, Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Təbii ki, çıxışa yazılmışdım. Valeh müəllim qoyulan sualların böyük əksəriyyətinə cavab verdi. Mən burada bir fikri qeyd etmək istəyirəm. Bəzilərinə elə gəlir ki, biz bu işdə daha çox məsuliyyət daşıyırıq, nəinki Dövlət Neft Şirkəti və ya  müqaviləni imzalayan tərəflər. Bu saziş ətraflı şəkildə işlənilibdir. Şirkətin mütəxəssisləri hazırlayıblar. Bunun altından qol çəkənlərin hər biri böyük bir məsuliyyət daşıyır, nəinki bunu səsə qoyub təsdiq edənlər. Digər tərəfdən, İnternet səhifəsində kim nəyi isə axtarır, tapa bilmirsə, ya tapırsa və ya tapacaqsa, gələcəkdə bununla bağlı belə fikirlər ortaya qoysun?
Təbii ki, böyük bir şirkətdir. Bu sənədlər hamısı möhtərəm Prezidentimizin imzası ilə gəlibdir. Bunlar möhtərəm Prezidentimizə təqdim olunubdur. Bunu təqdim edən hər bir şəxs məsuliyyət daşıyır. Nəyə görə biz öz həmkarlarımıza, bu sahədə iş aparan insanlara şübhə ilə yanaşmalıyıq? Bu məsələlərə şübhə ilə baxmalıyıq? Burada şübhəli bir məsələ yoxdur. Belə şirkətlər çoxdur. Bu cür şirkətlər hər bir yerdə işə girişirlər ki, etimad qazansınlar. Bunların orada işləməsi, investisiya qoymasının özü gələcəkdə böyük layihələrdə işləmək üçün etimad qazanması kimi də dəyərləndirilə bilər. Sazişdə göstərilən quyulardan artıq Azərbaycan kifayət qədər neft hasil edibdir. Yerdə qalan hissəsini onlar yeni texnologiyalar tətbiq etməklə hasil edəcəklər. Bu nə qədər çəkəcək?  Bu çay deyil ki, gedib vedrəni vurub, elə suyu doldurub çıxıb gələsən. Neft gərək hasil oluna.
Məsələn, Salyanın ərazisində, Salyan yolu ətrafında elə şirkətlər var ki, 2 ildir orada işləyirlər, hələ heç nə çıxara bilmirlər. Onlara təqdim olunan quyular da həmin səviyyəlidir. Hələ bundan sonra qazırlar, axtarırlar ki, nə isə çıxaracaq, hasil edəcəklər. Bunlara diqqətlə yanaşmaq  lazımdır. Orada neft çıxırdı, fontan vururdu, elə özümüz onda bunu hasil edib artıq satardıq da, daha  niyə saziş imzalayaq? Bayaq  qeyd edildi ki, müəyyən texnologiyalar tətbiq olunmalıdır. Müəyyən şirkətlər texnologiya tətbiq etməklə bunu hasil edirlər və iş davam etdirilir. Bu məsələyə öz münasibətimi bildirdim.
Bir məsələni də qeyd etmək istəyirəm. Doğrudan da, hörmətli həmkarlar, burada biz həmkarıq, hamı işləyir, fəaliyyət göstərir. Kimin kimdən nə incikliyi varsa, hansısa mətbuat orqanında nə isə oxuyubsa, Eynulla Fətullayevin yazdığı bir yaramaz fikri əsas götürüb burada Dövlət Neft Şirkətinin prezidenti,  həmkarımız Rövnəq müəllimlə bağlı söz söyləyək? Qüdrət müəllim, Sizin haqqınızda da çox şey yazılır. Onun hamısını əsas kimi qəbul edək, təsdiq edək? Bir-birimizə xoş münasibətlə,  düzgün yanaşmalıyıq. Əlbəttə, heç kəs anadan nazir, deputat doğulmur. Hər kəs bir həyat yolu keçir və yalanı burada ifadə etməyin heç yeri yoxdur. Bu cür ittihamları, fikirləri, incikliyi parlament səviyyəsinə gətirməyin, hesab edirəm, yeri yoxdur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rövnəq Abdullayev.
R.Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti.
Oqtay müəllim, söz verdiyinizə görə çox sağ olun. Mən həmkarlarımın bütün fikirləri ilə razıyam. Amma bir məsələ üzərində dayanmaq istəyirəm. İnternet saytına baxmaq imkanı varsa, baxsınlar. UQE-LANSER şirkəti ilə Dövlət Neft Şirkətinin 2003-cü ildən bəri birlikdə işləri var. UQE-LANSER ekologiya şirkətidir, Almaniyada, Gürcüstanda, Özbəkistanda, Azərbaycanda, Rumıniyada işləri olubdur. Biz 2003-cü ildə həmin şirkətlə ekoloji layihələr həyata keçirmişik. Bilirsiniz ki, 2005-ci ildə “EKOL” Mühəndislik Xidmətləri QSC yaratdıq və Bibiheybətdə görülən işlər göz qabağındadır. Təmizləmə, rekultivasiya işləri, ekoloji layihələrin həyata keçirilməsi,  başqa sahələrdə görülən ekoloji layihələr Azərbaycan ictimaiyyətinin gözü qabağındadır. Biz həmin şirkətin ekoloji layihələri həyata keçirməsini və bu layihələrdə təcrübəsinin olmasını bilirik. Balaxanıda ekoloji layihələri həyata keçirdikdə bu nəticəyə gəlib çıxdıq ki, həmin şirkətlə saziş hazırlayaq. Balaxanı, dəqiq desək, 95 faiz sulaşmış sahədir. Ən çox orada ekoloji layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu şirkətin təcrübəsi bizi belə bir sazişi birlikdə imzalamağa vadar etdi. Həmin şirkətin bu sahədə böyük  təcrübəsi var.
İkinci məsələ, “Bahar” Enerjinin işləmə proqramları artıq hazırlanır. Yəqin ki, bu yaxınlarda elan olunacaq. İlkin mərhələlərdə biz  onların təqdim etdikləri layihələri öyrənirik. Dediyiniz “donqulu şirkətlər” Amerika şirkətləridir. Hər şirkət haqqında belə söz deməyin. Dediyiniz həmin şirkət milyard dollara yaxın investisiya planları hazırlayıb. Hər bir “donqulu şirkətə” banklar milyard dollarlıq kredit verərmi? Dünyanın ən böyük şirkəti nəticələri, həmin layihələri yoxlayıb rəy verir. Dünyanın böyük şirkətləri, bankları dediyiniz “donqulu şirkətlərə” milyard dollarlıq kredit xətləri açmaz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən bir əlavə etmək istəmirəm. Hərdən  mütəxəssis fikrinə qulaq asmadan şəxsi fikirləri mütəxəssis fikri kimi vermək istəyirik. Bunlardan yavaş-yavaş uzaqlaşmalıyıq. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 94
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyurun, Arif  Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Hörmətli Milli Məclis! Müzakirəyə təqdim olunan qanun layihəsində Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər nəzərdə tutulur. Ölkədə geniş vüsət tapmış yenidənqurma və abadlıq işləri Balakən şəhərində də müvəffəqiyyətlə həyata keçirilir. Bu səbəbdən Balakən şəhərinin ərazisi artıq, demək olar ki, həmin tədbirləri aparmaq imkanından xaricdədir. Ərazisi kiçik olduğu üçün  nəzərdə tutulan bir çox tədbirlərin həyata keçirilməsi çətinliklər yaradır.
Layihədə nəzərdə tutulur ki, Balakən şəhərinə ətraf kəndlərdən 1253,4 ha torpaq sahəsi ayrılsın. Bu torpaq sahəsi Balakən şəhəri ilə həmsərhəd Gərəkli kəndi, Hənifə kəndi, Qullar kəndi, Mahamalar kəndi, Qasbinə kəndi və Tülü kəndindən ayrılacaqdır. Ayrılan torpaqların tərkibində dövlət, bələdiyyə torpaqları da, xüsusi mülkiyyətdə olan torpaqlar da var. Layihə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun tələblərinə uyğun qaydada hazırlanıb və təqdim olunubdur və qəbul oluna bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif yoxdursa, xahiş edirəm, layihəyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi haqqındadır. Layihənin ikinci oxunuşudur. Müzakirələrə başlamazdan əvvəl söyləyim ki, həqiqətən, birinci oxunuşdan sonra millət vəkillərinin təklifləri, eləcə də qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə birlikdə məcəllənin layihəsində bir çox dəyişikliklər edildi. Çox mükəmməl bir qanun layihəsi ortaya çıxdı. Biz bunu indi ikinci oxunuşa çıxaracağıq. Xahiş edirəm, müzakirələrdə fəal iştirak edək. Qanun layihəsinin ikinci oxunuşudur. Ona görə də ilk növbədə biz gərək layihəni əsas kimi qəbul edək. Xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.56 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Artıq siyahıya 13 nəfər yazılıb. Əgər etiraz yoxdursa, çıxışlar üçün 5 dəqiqə verək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Məruzə üçün Ziyad Səmədzadəyə söz verilir. Buyursun. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və komitənin Hüquq şöbəsinin rəisi iclasda iştirak edir. Suallar olarsa, cavab verəcəklər.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, Siz haqlı olaraq qeyd etdiniz ki, birinci oxunuşdan sonra hər iki komitə – İqtisadi siyasət komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, eləcə də Aparatın İqtisadi qanunvericilik şöbəsinin iştirakı ilə Gömrük Məcəlləsinin layihəsinə çox ciddi dəyişikliklər edilmiş, deputatların verdikləri təkliflər, əsasən, nəzərə alınmış və nəticədə sizin  müzakirənizə təqdim edilən Gömrük Məcəlləsinin layihəsi xeyli dərəcədə təkmilləşdirilmişdir. Təkcə onu göstərmək kifayətdir ki, məcəllənin mövcud bölmələrinin sayı azaldılmış, fəsillərin sayı 64-dən 59-a, maddələrin sayı isə 358-dən 334-ə endirilmişdir.
Məcəllənin 1-ci maddəsində bir çox anlayışlara yenidən baxılmışdır. Mən fürsətdən istifadə edərək Valeh müəllimə də təşəkkürümü bildirirəm. Onun verdiyi bir sıra dəyərli təkliflər I bölmədə nəzərə alınmışdır. Məcəllədə tarif kvotası, rezidentlər və qeyri-rezidentlər, gömrük qanunvericiliyi haqqında və digər maddələr tamamilə yenidən işlənmişdir. Məcəllənin mahiyyətcə və məzmunca oxşar 12, 13, 22.4, 22.5, 52, 117, 118, 122, 125, 212, 220, 226, 227, 232, 234-cü maddələri və digər maddələr xeyli dərəcədə sadələşdirilmiş, beynəlxalq standartlara cavab verən formada yazılmışdır.
Məcəllənin gömrük nəzarətinin həyata keçirilməsini nizama salan   84-cü maddəsinə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli fərmanının müddəaları nəzərə alınaraq respublikaya gətirilməsi və aparılması qanunvericiliklə qadağan edilmiş və eləcə də mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısının dövlət sərhəd-buraxılış məntəqələrində açıq görünən yerlərdə yerləşdirilməsi, gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həmin malların götürülməsi qaydası və gömrük orqanlarının vəzifəli şəxslərinin bu sahədə məsuliyyəti ilə bağlı normalar daxil edilmişdir.
Qeyd olunan fərmana uyğun şəkildə layihəyə gömrük nəzarətinin həyata keçirilməsi zamanı tərtib edilən protokola dair ümumi tələblərin əksini tapdığı yeni, 99-cu maddə əlavə edilmişdir. Bütövlükdə qeyd etmək istərdim ki, millət vəkilləri Çingiz Əsədullayev, hörmətli komitə sədri Əli müəllim, Çingiz Qənizadə, Ayaz Orucov, İlham Əliyev, Əsabil müəllim, Vahid Əhmədov, Xanhüseyn Kazımlı və digərlərinin çox dəyərli təklifləri olmuşdur. Bu təkliflər də işçi qrupu tərəfindən nəzərə alınmışdır. Millət  vəkili Cavid Qurbanovun verdiyi təklif Dövlət Gömrük Komitəsi tərəfindən qəbul edilmiş, eləcə də müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmışdır.
Hörmətli millət vəkilləri, bilirsiniz ki, Gömrük Məcəlləsi, həqiqətən də, dövlətin iqtisadi, hüquqi qanunvericilik sistemində çox böyük əhəmiyyət daşıyan bir sənəddir. Biz Aydın müəllimə, eləcə də  komitənin məsul işçilərinə aşağıdakı suallarla müraciət etdik: Gömrük Məcəlləsi dövlətin milli təhlükəsizliyinin tələblərinə cavab verir, yoxsa yox? Gömrük Məcəlləsi ölkənin iqtisadi təhlükəsizliyinə, milli maraqlara cavab verir, yoxsa yox? Dövlət Gömrük Komitəsinin dövlətin gömrük sistemində islahatlar aparmaq üçün kifayət qədər imkanları varmı? Təbii, bu sualların hamısına biz cavab verdik. Ona görə mən istərdim ki, çox qısa olaraq bəzi məqamları sizin nəzərinizə çatdırım.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin qorunması məsələsi Gömrük Məcəlləsi layihəsinin 8-ci maddəsində əksini tapıb. Layihənin 9-cu maddəsində gömrük işi sahəsində cinayətlərə və gömrük qaydaları əleyhinə olan inzibati xətalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, silahın, mədəni, tarixi sərvətlərin, əqli mülkiyyət obyektlərinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək imkanları verilir.
Gömrük Məcəlləsi Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyi və mənafeyinin qorunmasına cavab verməlidir. Bu mənada qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqi yolu ilə Azərbaycan Respublikasının beynəlxalq sistemə inteqrasiyası, gömrük nəzarəti və rəsmiləşdirilməsi, gömrük tarifi və tarif təsnifatı, gömrük orqanlarının valyuta, ixrac nəzarəti, beynəlxalq poçt göndərişləri üzrə gömrük nəzarətinin həyata keçirilməsi haqqında müddəalar ayrı-ayrı fəsillərdə yenidən işlənilmişdir. Bu məsələlər bilavasitə ölkənin iqtisadi təhlükəsizliyi ilə bağlıdır. Boru kəməri və elektrik ötürücü xətləri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin güclənməsi, rezidentlər və qeyri-rezidentlər tərəfindən keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi kimi məsələlər ayrı-ayrı bölmələrdə, fəsillərdə yenidən işlənilmişdir və dediyim tələblərə cavab verir. İnsan alverinə qarşı mübarizə, gömrük orqanlarının əməliyyat-axtarış, təhqiqat və istintaq fəaliyyəti, qadağa və məhdudiyyətlərin tətbiqi, risklərin təhlili və idarə edilməsi, malların nəzarətli göndərişi məsələləri  o qədər incə və dürüst yazılmalıdır ki, müvafiq orqanlar ölkənin iqtisadi və milli təhlükəsizliyini təmin etmək imkanına malik olsunlar.
Gömrük işində informasiya sistemləri və texnologiyalarının tətbiqi, sözün əsl mənasında, yenidən işlənmiş  III bölmədə əksini tapıb. Digər dövlət orqanları və şəxslərlə əməkdaşlıq II bölmənin 3-cü fəslində verilmişdir. Gömrük təmsilçiliyi, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operatorlar ilk dəfə olaraq Gömrük Məcəlləsində öz əksini tapacaqdır. Gömrük Məcəlləsinin layihəsində, eyni zamanda, Azərbaycanın bundan sonra da beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi üçün müvafiq maddələr nəzərdə tutulmuşdur. Gömrük orqanlarının maddi-texniki bazasının və vəzifəli şəxslərinin hüquqi statusu, dövlət və sosial təminatlarının möhkəmləndirilməsi V bölmənin 7, 10, 11, 15, 20-ci maddələrində nəzərə alınmışdır.
Mən  hər iki komitənin üzvlərinə və digər millət vəkillərinə təşəkkür etmək istəyirəm. Təsəvvür edin ki, layihədə 400-ə yaxın maddə var, bu böyük bir kitab deməkdir. İki ay ərzində millət vəkilləri çox  təmkinli və  səmimi münasibət göstərməklə Gömrük Məcəlləsinin təkmilləşdirilməsinə xeyli kömək etmişlər. Ona görə mən millət vəkillərindən xahiş edərdim ki, məsələyə müsbət münasibət bildirsinlər. Təbii ki, bir sıra məsələlər hələ açıq qalıb. Auditor qanunlarının fəaliyyəti ilə əlaqədar yoxlamaları, onların müddəti, eləcə də bir sıra tarif məsələlərinə aydınlıq gətirilməlidir. Tarif məsələləri təkcə bu məcəllə ilə yox, digər qanunlarla tənzimlənir.
Hesab edirəm ki, hər iki komitə, Aparatın İqtisadi qanunvericilik şöbəsi, millət vəkilləri Dövlət Gömrük Komitəsinin əməkdaşları və rəhbərliyi ilə birlikdə vicdanla çalışıblar ki, bu qanun layihəsi günün tələblərinə cavab versin. Gömrük Məcəlləsi ölkənin iqtisadi təhlükəsizliyini təmin edən sənədlər içərisində ən qabaqcıl yerlərdən birini tutur. Ona görə edilən hər bir təklif maraqla, diqqətlə qarşılanacaq. Vaxt var, üçüncü oxunuşa qədər həmin təklifləri nəzərə alıb qanun layihəsinin daha təkmil olmasına çalışacağıq.
Bütövlükdə mən millət vəkillərindən xahiş edərdim ki, məsələyə müsbət münasibət bildirsinlər. Vaxtınızı almaq istəmirəm. Minə yaxın düzəliş edilib, redaktə xarakterli işlər aparılıb, maddələr sadələşdirilib. Ancaq layihənin dilinin lakonik olması istiqamətində səy göstərilib. Mən hamıya təşəkkür edirəm. Yəqin ki, üçüncü oxunuşda biz bu təklifləri də nəzərə almaqla Azərbaycan mətbuatının, cəmiyyətinin, dövlətçiliyinin inkişafına xidmət edən  təkmil bir məcəlləni Milli Məclisdə qəbul edəcəyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Həqiqətən, bu qanun layihəsi üzərində komitələrimizdə çox əziyyət çəkiblər, indi layihənin ikinci oxunuşudur. Buyurun, Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Gömrük Məcəlləsinin layihəsində gömrük tənzimlənməsi ilə bağlı çox mühüm müddəalar nəzərdə tutulmuşdur. Belə ki, layihədə gömrük rəsmiləşdirilməsi, gömrük bəyannaməsi və bəyannamələrə aid sadələşdirilmələr, gömrük təminatları, gömrük ödənişləri və gömrük rüsumlarının növləri və sair ilə bağlı məsələlər ətraflı və dolğun şəkildə öz əksini tapmışdır. Layihənin yüksək peşəkarlıq və diqqətlə işlənilməsinin digər bir göstəricisi ondan ibarətdir ki, birinci oxunuş zamanı mənim üzə çıxardığım və ikinci oxunuş zamanı nəzərinizə çatdırmaq istədiyim bir sıra mənfi halların böyük əksəriyyəti artıq ikinci oxunuşdakı layihədə nəzərə çarpmır. Bir sıra müddəalarda istifadə olunmuş çoxlu sayda qeyri-müəyyən anlayışlar layihədən çıxarılıb. Bu da özlüyündə onun göstəricisidir ki, işçi qrupu məcəllə layihəsinin hazırlanmasına böyük məsuliyyətlə yanaşıbdır.
Müsbət haldır ki, layihədə gömrük orqanı tərəfindən qəbul edilən qərar barədə vətəndaşa məlumat vermək, bu qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət etməklə bağlı müddəalar nəzərdə tutulmuşdur. Eyni zamanda, vəzifəli gömrük işçilərinin xüsusi vasitələrdən istifadə etməsi şərtləri, bu vasitələrin istifadəsinin qadağan olunduğu konkret hallar dəqiqliklə göstərilmişdir və sair.
Bütün bu müsbət hallarla yanaşı bəzi qeydlərim və fikirlərim var, onları sizinlə bölüşdürmək istərdim. 8.0.12-ci maddədə gömrük orqanlarının vəzifələri sırasında ictimai asayişin qorunması sahəsində tədbirlərin həyata keçirilməsinə kömək göstərilməsi qeyd olunur. Bu köməyin, məsələn, polis işçilərindən fərqli olaraq, hansı qaydada və nədən ibarət olacağı qeyd edilmir.  9.0.10-cu maddədə deyilir ki, “gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək olar”. Amma mən hesab edirəm, yuxarıda göstərilən hallarda gömrük orqanının işçilərinə icazə verilməlidir ki, onlar təkcə idarə, müəssisə və təşkilat deyil, həm də fiziki şəxslərə aid rabitə və nəqliyyat vasitələrindən də istifadə etsinlər. Məsələn, “Polis  haqqında” Qanunun 17.6-cı maddəsində belə müddəa vardır. Hətta nəqliyyat vasitəsindən istifadəyə görə dəymiş zərər polis tərəfindən ödənilir. Hesab edirəm ki, buna bənzər müddəa Gömrük Məcəlləsində də öz əksini tapa bilərdi.
21-ci maddədə birbaşa və dolayı gömrük təmsilçiliyi fərqləndirilir. 21.4-cü maddədə isə qeyd olunur ki, gömrük orqanları ilə münasibətdə olduğu zaman gömrük təmsilçisi təmsil etdiyi şəxs üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa və ya dolayısı ilə olmasını bildirməlidir. Xahiş edərdim, bu müddəaya aydınlıq gətirəsiniz. Gömrük orqanları ilə münasibətlərdə dolayı və ya birbaşa təmsilçiliyin bir-biri ilə müqayisədə hansı fərqləri və ya üstünlükləri var? Varsa, bu üstünlüklər ayrıca bənddə açıqlanmalıdır.
Məcəllənin 3-cü fəslinin 21-ci maddəsində qeyd olunan “gömrük təmsilçisi”, 28-ci maddədə “gömrük daşıyıcısı” anlayışlarının, məncə, 1-ci maddədə verilməsi daha  məqsədəuyğun olardı. Həmçinin onu da nəzərinizə çatdırım ki, heç 28-ci maddənin özündə də “gömrük daşıyıcısı” anlayışı tam açıqlanmır. Məcəllə layihəsinin 31-ci maddəsində qeyd olunan səlahiyyətli iqtisadi operatorun səlahiyyət və funksiyalarına bir az daha geniş şəkildə aydınlıq gətirilməsi, hesab edirəm ki, məqsədəmüvafiq olardı. 32.0.6-cı maddədə qeyd olunan müvafiq təhlükəsizlik və mühafizə standartları hansı qaydada və kim tərəfindən müəyyən olunur?
Məcəllə layihəsinin bəzi maddələrində qrammatik səhvlərə yol verilmişdir, stilistik səhvlər var. Vaxt azdır, mən bunları burada sadalayıram və Ziyad müəllimə çatdıracağam. Xahiş edirəm ki,  layihənin bu səhvlərini aradan qaldırasınız. Ümumilikdə isə mən bu layihəni çox yüksək qiymətləndirirəm və iqtisadi səmərəlilik baxımından qanunvericilik sahəsində mühüm bir addım kimi dəyərləndirirəm. Bütün həmkarlarımı layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Ölkənin gömrük sisteminin səmərəli fəaliyyəti hər bir dövlətin iqtisadi və siyasi gücündən xəbər verir. Azərbaycanda yaradılan gömrük sistemi, onun bugünkü fəaliyyəti də tam beynəlxalq standartlara cavab verir. Lakin bu gün Azərbaycanda müşahidə edilən dinamik, sosial-iqtisadi inkişaf və beynəlxalq iqtisadi sistemə inteqrasiya gömrük sisteminin təkmilləşdirilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara tam uyğun aparılmasını və bütövlükdə gömrük sisteminin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun daha da artırılmasını bir zərurətə çevirir.
Məlumdur ki, Gömrük Məcəlləsi 1997-ci ildə qəbul olunub və həmin vaxtdan keçən 14 il müddətində Azərbaycan dövləti sürətli sosial-iqtisadi inkişaf mərhələsinə qədəm  qoyub və onun iqtisadi qüdrəti möhkəmlənib. Ötən dövr ərzində Azərbaycan Respublikasının beynəlxalq əlaqələri də xeyli genişlənib və Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub, eləcə də bir sıra beynəlxalq təşkilatların üzvüdür. Ölkənin iqtisadi-ticarət əlaqələrinin coğrafiyası ötən illərdə genişlənib. İdxal, ixrac əməliyyatlarının həcmi artıb və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası güclənib.
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanda keçid dövrü başa çatıb. Gömrük Məcəlləsinin mövcud mətni, onun tələbləri keçid dövrünün gömrük siyasəti kimi qəbul edilə bilərdi. Lakin indiki inkişaf, Azərbaycanın yeni dövrü, inkişaf meylləri bu məcəllənin də, təbii, yenidən işlənməsinə, hazırlanmasına ehtiyac yaratmışdır. İnkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübələri nəzərə alınmaqla Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, o cümlədən yeni Gömrük Məcəlləsinin qəbulunun əhəmiyyəti artıq ortadadır.
Məcəllə layihəsi 21 bölmə, 59 fəsil, 334 maddədən ibarətdir. Bu sənəd, düşünürəm ki, kifayət qədər peşəkarcasına hazırlanıb və gömrük sistemi sahəsində bütün münasibətləri tənzimləyəcək çox əhəmiyyətli bir sənəddir. Məcəllə beynəlxalq təcrübədə mövcud olan standartlara və normalara da tam cavab verir. Yeni Gömrük Məcəlləsinin qəbulu ölkənin iqtisadi, milli təhlükəsizliyinin möhkəmləndirilməsində və sosial-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına, idxal və ixracat əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə və şəffaflığının təmin edilməsinə, gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, gömrük infrastrukturunun modernləşdirilməsinə və ən nəhayət, Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesinin daha da sürətlənməsi üçün əlverişli şərait yaradacaqdır. Bir sözlə, yeni Gömrük Məcəlləsi dövlətin və cəmiyyətin bu sahədə maraqlarının qorunmasına yönəlmiş əhəmiyyətli bir sənəd və ölkədə həyata keçirilən dövlət gömrük siyasətində yeni bir müsbət addım olacaqdır.
Mən birmənalı olaraq bu məcəllə layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə dəvət edirəm. Məcəllənin birinci oxunuşda müzakirəsi zamanı layihə ilə bağlı səsləndirdiyimiz təkliflərin əksəriyyətinin ikinci oxunuşa qədər nəzərə alınması üçün təşəkkürümü bildirirəm. Eyni zamanda, ikinci oxunuşda nəzərə çarpan, 49-cu maddə ilə bağlı dil baxımından  bir qeydimi bildirmək istəyirəm. 49-cu maddə “Şəxsin xeyrinə çıxarılmış qanuni qərarın ləğvi və ona dəyişiklik edilməsi” adlanır.  49.1.2-ci maddədə deyilir: “şəxs təqdim etdiyi məlumatın qeyri-dəqiq və ya natamam olduğunu bilirdi və ya bilməli idi”. Cümlənin bu şəkildə olması, düşünürəm ki, qanunun dilinə uyğun deyil. Yəni “olduğunu bildiyi halda” yox, “bilməli olduğu halda” qanunun dilinə daha uyğun olardı. Həmin maddənin 49.1.3-cü bəndində deyilir: “şəxsin təqdim etdiyi məlumat düzgün və tamam olsaydı, qərar fərqli olardı”. Mən xahiş edərdim ki, layihə ilə məşğul olan işçi qrup bu cümləyə də diqqət yetirsin və qanun dilinə uyğunlaşdırsın. Başqa bir iradım yoxdur. Birmənalı olaraq layihəyə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Yeni Gömrük Məcəlləsi Azərbaycanda gömrük sisteminin 2007–2011-ci illərdə inkişafına dair proqramın tələblərinə uyğun, beynəlxalq, çox sanballı ekspertlərin köməyi ilə hazırlanıb və beynəlxalq səviyyəli standartlara cavab verir. Eyni zamanda, burada müzakirələr zamanı da qeyd etmişdik, əsas məsələ ondan ibarətdir ki, Azərbaycan qanunlarının hazırlanmasının öz üslubu olduğuna görə bir sıra məqamlarda dəyişikliklərin təkmilləşdirilməsini həyata keçirməyə ehtiyac var. Xüsusi vurğulamaq istəyirəm ki, Gömrük Məcəlləsinin layihəsi müzakirə olunan zaman bu layihəni təqdim edən tərəf ümumi işin xeyrinə layihənin təkmilləşdirilməsində yüksək səviyyədə səmimiyyət göstərdi. Ağlabatan, əsaslandırılmış bütün iradları bu layihəni hazırlayan tərəf qəbul etdi və müvafiq dəyişiklikləri həyata keçirdi. Bu, ümumi işin xeyrinədir. Həmin dəyişikliklər layihənin sanbalını daha da artırdı.
Amma eyni zamanda, bəzi məsələlərin müəyyən dərəcədə cilalanmasına, hesab edirəm ki, ehtiyac var. Birinci, Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməməsi baxımından bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Layihəni təqdim edənlər tərəfindən bu  fikirlər də səmimi qarşılanır. Söhbət ondan gedir ki, Gömrük Məcəlləsi layihəsindəki “Xüsusi iqtisadi zonalar haqqında” Qanunun, Mülki Məcəllənin maddələri ilə bağlı ziddiyyətlər aradan qaldırılsın. Bu ziddiyyətlər aradan qaldırılandan sonra həmin məqamlar da çox gözəl olacaq.
İkinci məsələ iqtisadi təhlükəsizliklə bağlıdır. Tam səmimi deyirəm ki, bu məsələ yeni məcəllə layihəsində çox yüksək səviyyədə nəzərə alınıb. 8, 12, 41-ci maddələri deyə bilərəm. İndiki dövrdə Azərbaycanın iqtisadi təhlükəsizlik məsələlərinin etibarlı mexanizminin yaradılmasına böyük ehtiyac var və bu maddələr də onu xeyli dərəcədə möhkəmləndirib. Amma eyni zamanda, burada mənim diqqətimi çəkən 153-cü maddə var. Bu, gömrük ərazisindən müvəqqəti olaraq kənara çıxma məsələsi ilə bağlıdır. Obrazlı şəkildə mən demişdim ki, dünyada müvəqqətidən daimi bir şey yoxdur. Ona görə də bu maddə yenidən işlənilməlidir. Mən təşəkkür edirəm ki, bu məsələyə çox ciddi baxıldı və ən yaxşı optimal üsul tapıldı, maddə çıxarıldı.
Üçüncü məqamı da qeyd eləmək istəyirəm. Əgər biz bilgisayar texnologiyasını yüksək səviyyədə gömrük sisteminə tətbiq ediriksə, gömrüyün operativliyini artırırıqsa, onda bir sıra maddələrdə də bu operativliyin artırılmasına ehtiyac var. Xeyli dərəcədə müxtəlif fikirlər baxımından təhlil olunan 53.1-ci maddədə göstərilib ki, gömrük orqanlarının qərarlarından şikayətə ən geci 30 gün müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Hesab edirəm ki, əgər praktikada  bu bir həftədən çox çəkmirsə, bir ay müddəti kimi ehtiyatlı variantın burada öz əksini tapması düz olmaz. Şikayətlərə baxılma müddətini qaldırılan problemin mürəkkəblik və malın spesifiklik dərəcəsindən asılı olaraq iki dəfə azaldıb iki həftə müddətində saxlamaq olar. Bir ay indiki praktikada belə şikayətlərə baxılması müddətindən iki dəfə çoxdur. Əgər biz gömrük işinin operativliyini artırmaq istəyiriksə, bu məsələyə bütün sahələrdə kompleks yanaşmalıyıq. Beynəlxalq praktikada gömrüklə bağlı şikayətlərə baxılma məsələsində, düzdür, uzun müddətlər var. Amma Azərbaycanın praktikasında bir həftədən çox çəkmirsə, burada bir ayın əvəzinə iki həftənin göstərilməsi daha yaxşıdır.
Hesab edirəm ki, yeni Gömrük Məcəlləsinin qəbul edilməsi Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasının sürətləndirilməsinə doğru çox sanballı bir addımdır. Bu qanun layihəsinin maddələri beynəlxalq praktikada gömrük işinin səviyyəsində qurulub. Ona görə də belə bir məcəllənin qəbul edilməsi Azərbaycanda gömrük işinin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir. Uğurlar arzulayıram, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Müzakirə olunan məcəllə layihəsi ilə bağlı qeyd etmək istəyirəm ki, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilir. Müasir Avropa standartlarına cavab verən hüquqa uyğunlaşdırılır. Düzgün olaraq tam yeni qanunlar, məcəllələr qəbul edilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim etdiyi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi bu baxımdan qəbul edilməsi vacib olan aktdır. Bu gün qüvvədə olan Gömrük Məcəlləsinin qəbulundan 15 ilə yaxın zaman keçir. Məcəllə, həqiqətən, müasir tələblərə, Azərbaycanın bugünkü iqtisadi reallığına cavab vermir. Məlum olduğu kimi, məcəllənin ilkin variantı beynəlxalq və yerli mütəxəssislər, ekspertlər cəlb olunmaqla hazırlanmış, müvafiq dövlət orqanları bu sahədə münasibətlərini bildirdikdən sonra Milli Məclisin müzakirəsinə çıxarılmışdır.
Birinci oxunuş zamanı millət vəkilləri tərəfindən layihəyə münasibət bildirilmiş, çoxsaylı təkliflər verilmişdir. Milli Məclisin bu sahə ilə bağlı olan hər iki komitəsi, Aparatın İqtisadi qanunvericilik şöbəsi, işçi qrup təkliflərə diqqətlə  yanaşmış, bunların əksəriyyətini nəzərə almışdır. Qeyd etmək istəyirəm ki, ikinci oxunuşa təqdim olunan variant təkmilləşdirilərək daha mükəmməl hazırlanmış, birinci oxunuşdakı mətndən fərqli olaraq məntiqi ardıcıllıq təmin edilmiş, bu məqsədlə bəzi müddəaların yerləri dəyişdirilmiş, bir çox müddəalar birləşdirilmiş və yeni redaksiyada verilmişdir. Sənədin “Gömrük orqanlarının elektron  məlumat sistemi” adlanan 7-ci fəsli, “Gömrük nəzarətinin həyata keçirilməsi” adlanan 13-cü fəsli, malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması məsələlərini əhatə edən 17-ci və 18-ci fəsillərinin mətnləri daha aydın şəkildə yazılmışdır. Layihənin nəqliyyat vasitələrinin və şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi kimi mühüm münasibətləri tənzimləyən IX bölməsində lazımlı dəyişikliklər aparılmış, maddələrin mətni redaktə olunaraq təkmilləşdirilmişdir. 
Müzakirə olunan qanunvericilik aktında çox vacib və gələcəkdə anlaşılmazlıqlar yaranmaması üçün gömrük prosedurları, sənədləri, onlara qoyulan tələblər konkret maddələrdə mükəmməl şəkildə öz əksini tapmışdır. Qeyd olunan müsbət meyllərlə yanaşı təklif edirəm ki, məcəllənin cəmi 4 maddədən ibarət 25, 26, 27-ci fəsilləri  bir fəsildə birləşdirilərək “Malların buraxılışı və təkrar idxalı” adı ilə verilsin. “Tranzit  saxlanc və sərbəst zona”  adlanan 29, 30, 31-ci fəsillər də birləşdirilərək “Tranzit saxlanc və sərbəst zona” adlandırılmaqla bir fəsildə verilə bilər. 
Məcəllənin  üçüncü oxunuşa hazırlanması zamanı bir çox müddəalarda dəqiqləşdirmələrə və düzəlişlərə ehtiyac vardır. Xüsusilə maddələrin bir çoxunda redaktə xarakterli dəyişikliklər davam etdirilməlidir. Layihənin mətnində bir çox müddəalar və ayrı-ayrı anlayışlar qüvvədə olan digər qanunların və Mülki Məcəllənin gömrük işi ilə bağlı maddələrinin məzmununa uyğunlaşdırılmalıdır.
Çıxışımı yekunlaşdıraraq bir daha qeyd etmək istəyirəm ki, məcəllə layihəsi ikinci oxunuş üçün yüksək səviyyədə hazırlanmışdır. Sənədin  müəyyən müzakirədən sonra ikinci oxunuşda qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 17 il bundan qabaq Azərbaycan Milli Məclisi tərəfindən Gömrük Məcəlləsi qəbul olundu. Keçən müddət ərzində istər dünya, istərsə də Azərbaycan iqtisadiyyatında çox böyük dəyişikliklər baş verib. Bu gün bizə layihəsi ikinci oxunuşda təqdim olunan Gömrük Məcəlləsi çox mütərəqqi bir sənəddir. Bu məcəllə layihəsinin hazırlanmasında istər Dövlət Gömrük Komitəsinin, istərsə də Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin işçiləri başda Rauf müəllim olmaqla çox böyük işlər görüblər. Birinci oxunuşdan sonra layihədən 10-dan çox maddə çıxarılıb, layihə yığcam bir şəkilə salınıb. Gömrük sistemində bu günə qədər “vahid pəncərə” sisteminin tətbiqi öz əksini tapıb, nağd pul ödənişinin ləğvi, plastik kart ödəmə sisteminin tətbiq edilməsi, o cümlədən burada “fors-major” anlayışının verilməsi, gömrük bəyannaməsinin, tarif kvotasının, rezident, qeyri-rezident anlayışlarının geniş verilməsi ən önəmli məsələlərdən biridir.
Gömrük Məcəlləsinin layihəsi komitədə müzakirə olunanda bu məsələlərə toxunuldu. Amma burada bir sıra məsələlər var ki, biz bu günə qədər ümumi razılığa gələ bilməmişik. Bu məsələlərdən birini Əli müəllim burada qeyd etdi, 30 gün müddəti ilə əlaqədardır. Yəni  52-ci maddədə vəzifəli şəxslərin qərarlarından, hərəkətlərindən şikayətə baxılma müddəti 30 gün göstərilib. Bu müddət, hesab edirik ki, çoxdur. Gömrük orqanlarında, düzdür,  şərait yaradılıb, bütün malları saxlama kameraları var. Amma elə mallar var ki, gömrükdə 10 gün də saxlamaq mümkün deyil. Biz bu müddətin azaldılmasını təklif etdik. Bununla bağlı müəyyən təhlillər apardıq,  beynəlxalq təşkilatların sənədlərinə, beynəlxalq qanunlara baxdıq və sair. Mən hesab edirəm ki, bu müddəti 15 gün saxlamaq lazımdır. Artıq dərəcədə xahiş edirəm ki, Aydın müəllim bir də bu məsələyə baxsın.
İkinci ən ciddi məsələ 70-ci maddə ilə əlaqədardır. Burada sənədlərin təqdim edilməsinə dair tələblər qoyulub. Yəni idxalda, ixracda və ya gömrük dəyərinin düzgün bəyan edilməməsi ilə əlaqədar gömrük orqanları hər hansı bir şirkətin işinə müdaxilə edə bilərlər. Müdaxilə etdikdə əvvəlki 5 ilədək dövrü əhatə edən bütün sənədləri qaldırıb yoxlaya bilərlər. Beş il  həddən artıq çox müddətdir. Təsəvvür edin ki, gömrük orqanları sərhəddə hər hansı bir sənədi yoxlayarkən müəyyən narazılıqlar yarandı və həmin gömrük orqanının vəzifəli şəxsi şirkətin əvvəlki 5 ilədək dövrü əhatə edən bütün sənədlərini yoxlamağa başlayır. Faktik olaraq, həmin  şirkətin işi iflic vəziyyətə düşür, həm də çox sayda sənədlərin yoxlanması prosesi həyata keçirilir. Burada mübahisə yaranarkən Əli müəllim dedi ki, bu, Vergi Məcəlləsi ilə əlaqədardır. Vergi Məcəlləsində də yoxlamalar 5 ilə qədər nəzərdə tutulur. Mənə elə gəlir ki, lazım gəlsə, Vergi Məcəlləsində də dəyişiklik etmək lazımdır.
Azərbaycan dövlət başçısının son zamanlar sahibkarlığa köməklə əlaqədar verdiyi təkliflər, göstərişlər  bu maddə ilə əkslik təşkil edir. Bu materialları yoxlamaq üçün 1 il vaxt da bəsdir. Niyə 5 ilin sənədləri qaldırılmalıdır, bu sənədlərə baxılmalıdır? 5 il müddətində toplanan sənədlər arxivdə olacaq, olmayacaq? Bu sənədlərdəki nöqsanları aşkar etmək həddən artıq çətin işdir. Ona görə də mən təklifimi yenə təkrarlayıram ki, əvvəlki bir ili əhatə edən sənədlərin yoxlanması nəzərdə tutulsun. Yəni həmin məhsulla,  işlə əlaqədar əvvəlki bir ilin sənədləri qaldırıla bilər. Bu çox ciddi məsələdir. Aydın müəllim deyir, bu gün elə bir şirkət yoxdur ki, biz orada yoxlama aparaq. Aydın müəllim, bu gün  şirkətin rəhbəri Sizsiniz, sabah bir başqası gələ və belə hallar təkrarlana bilər. Ona görə mən artıq dərəcədə xahiş edirəm ki, bu maddəyə baxılsın.
Azərbaycan  Ümumdünya Ticarət Təşkilatına daxil olmağa hazırlaşan bir dövlətdir. Belə bir məcəllənin qəbul edilməsi çox vacibdir. Çünki Ümumdünya Ticarət Təşkilatının tələblərindən biri də təzə qanunların qəbul edilməsidir. Gömrük Məcəlləsinin layihəsi beynəlxalq tələblərə tamamilə cavab verən bir sənəddir. Çox yüksək səviyyədə hazırlanıb. Ona görə də mən həmkarlarımı bu məcəllənin qəbul edilməsinə səs verməyə çağırıram.  Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əhməd Vəliyev.
Ə.Vəliyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, həmkarlarımın qeyd etdikləri kimi, doğrudan da, bu gün müzakirəmizə təqdim edilən Gömrük Məcəlləsinin layihəsi çox yüksək peşəkarlıqla hazırlanmışdır. Onu qeyd edim ki, bu məcəllə layihəsi daxil olanda, gömrük sahəsində çalışan tədqiqatçılarla, bu fənni tədris edən müəllimlərlə bir yerdə müzakirə etmişik. Mütəxəssislər tərəfindən bu məcəllə layihəsinin yüksək səviyyədə, beynəlxalq standartlara uyğun olması qeyd edilmişdir.  Mən hesab edirəm ki, Ziyad müəllimin  qeyd etdiyi kimi, buna məcəllə yox,  tədqiqat kitabı demək olar. Gömrüyün bütün sahələrini əhatə edən,  istiqamətlərini tənzimləyəcək bir məcəllə olacaqdır. Bu məcəllənin qəbul edilməsinə mən də səs verəcəyəm və həmkarlarımı da  səs verməyə dəvət edirəm. Sadəcə olaraq, bir-iki təklifim var.
Bu günlər ölkə Prezidenti ərzaq probleminin həlli ilə bağlı  mütəxəssisləri dəvət edir, ərzaq problemlərini tənzimləmək üçün müzakirələr aparır. Mən hesab edirəm ki, gömrük rüsumlarına da bu məsələni tətbiq etmək lazımdır. Ümumiyyətlə, bazara uyğun olaraq gömrük rüsumlarının müxtəlif dövrlərdə tənzimlənməsi məsələsi bir maddə kimi buraya salınsa, mənə elə gəlir ki, bazarın tənzimlənməsinə böyük kömək olar.
Eyni zamanda, Azərbaycan Respublikasında istehsal olunan məhsul növlərindən kənardan gətirilərkən rüsumun artırılmasını təklif edərdim.  Azərbaycan Respublikasında istehsal olunmayan malların kənardan gətirilməsində gömrük tariflərinin bir qədər aşağı salınmasını da təklif edirəm. Ümumiyyətlə, bu layihə çox yüksək səviyyədə hazırlanıb. Hesab edirəm ki, ikinci oxunuşda qəbul etmək olar.
Mən gündəliyə münasibət bildirəndə çıxışa yazılmışdım, növbə çatmadığına görə fürsətdən istifadə edərək bəzi məsələlərə toxunmaq istərdim. Mən ömrümün 58 ilini təhsilə sərf etmişəm. Burada həmkarlarım təhsillə bağlı bəzi məsələlərə toxundular. Onlara münasibətimi bildirmək istəyirəm. Birinci, tə dris proqramlarının orta məktəblərdə ağır olması məsələsini qeyd etmək istəyirəm. Hörmətli həmkarım Azay müəllim dedi ki, orta məktəbdə tədris proqramları, ümumiyyətlə, çox ağırdır, şagirdlər bunun öhdəsindən gələ bilmirlər. Dövlətin standartı var. Dövlətin standartından kənara çıxmaq olmaz. Beynəlxalq aləmdəki tədris proqramları ilə müqayisədə, hesab edirəm ki, Azərbaycanda tədris proqramları bir qədər yüngüldür. Sadəcə, burada başqa problemlər var. Əgər biz həmin  problemləri aradan qaldıra bilsək,  tədris proqramlarının çətinliyi haqqında söhbət aparmaq əhəmiyyətsiz olacaqdır. Orta məktəb sistemi 12 ildən ibarət olmalıdır. Onun 10 ili ümumi baza verməlidir və son 2 ili istiqamət üzrə hazırlamalıdır. Belə olan tərzdə hər şey düzələcək.
Eyni zamanda, həmkarım Qüdrət müəllim repetitorlarla bağlı fikir söylədi. Biz nə axtarırıq? Repetitorlar hansı pis işi görürlər? Dünyanın hər bir yerində repetitorluq var. Ümumiyyətlə, şagird oxumasa, yaxud müəllimlə məşğul olub müəyyən qədər öyrənsə yaxşıdır? Mən hesab edirəm ki, repetitorluğun heç bir ziyanı yoxdur. Qonşu Türkiyədə hər addımda hazırlıq okulları var. Orada böyük binalar tikilibdir, ancaq hazırlıqla məşğul olurlar. Yəni orta məktəbdən əlavə kim hazırlaşmaq istəyirsə, həmin hazırlıq siniflərində təhsil alır. Əhali arasında çox söhbət gedir ki, orta məktəblər zəif olduğuna görə belədir. Mənim universitetimin nəzdində fəaliyyət göstərən məktəb Britaniya məktəbidir. Mən Britaniyadan 27 müəllim dəvət etmişəm və onlar burada tədris edirlər. Mən görürəm ki,  mənim məktəbimdə də oxuyan uşaqlar məktəbdən sonra başqa müəllimlərlə məşğul olmağa gedirlər. Buna pis baxmaq düzgün deyil. Bu gün təhsildə başqa problemlər var. Həmin problemlərdən danışsaq, daha yaxşı olardı. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Həmkarlarımızın da qeyd etdikləri kimi, məcəllə layihəsi çox əsaslı şəkildə hazırlanıb və birinci oxunuşdan sonra ciddi şəkildə dəyişikliklər edilib. Layihədə gömrüyün fəaliyyəti ilə bağlı bütün sahələr üzrə hüquqi bazanın yaradılması müddəalarda öz əksini tapıbdır. Dünya təcrübəsindən də kifayət qədər müvafiq maddələr vardır. Gömrük orqanlarının hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəsi, onların tədris sistemi, bütövlükdə gömrüyün fəaliyyətini tənzimləyə biləcək bütün normativ aktlar burada öz əksini tapıbdır.
Mən konkret olaraq maddə-maddə bunları deməyəcəyəm. Həmkarlarımın da bir çoxu təsdiq etdi ki, çox ciddi  iradlar yoxdur. Sadəcə, bir neçə təklif irəli sürüldü. Qalanları yüksək səviyyədə hazırlanması haqqında fikir söylədilər. Mənim də bir təklifim var. Bizim qanunvericilik praktikamız  var ki, qanun layihəsi yaxşı hazırlanıbsa, bunu ikinci oxunuşda qəbul ediriksə, dərhal üçüncü oxunuşda da qəbul edə bilərik. Gömrük orqanları yeni məcəllə əsasında fəaliyyətə başlasınlar və bu işlər qanun çərçivəsində öz əksini tapsın, müəyyən çatışmazlıqlar varsa, bunlar da aradan qalxsın. Mənim təklifim bundan ibarətdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Çox sağ olun. Mən hər şeydən əvvəl bu layihəni hazırlayanlara təşəkkürümü bildirmək istəyirəm. Çox böyük həcmli bir layihədir. 59 fəsildən, 334 maddədən ibarətdir. Böyük əziyyət çəkiblər, dərin və hərtərəfli bilik nümayiş etdiriblər. Bizim də məqsədimiz layihəni daha da təkmilləşdirmək istiqamətində fikir söyləməkdir. Mən də bu baxımdan bir neçə fikir söyləmək istəyirəm.
Birinci, 9-cu maddənin 6-cı bəndindən göründüyü kimi, gömrük orqanları həm də hüquq mühafizə orqanlarıdır. Gömrük işi təkcə malların sərhəddən keçirilməsindən, gömrük nəzarətindən, gömrük ödənişlərinin tutulmasından, gömrüyün rəsmiləşdirilməsindən, gömrük ekspertizasından ibarət deyil, həm də bu sahədə baş verən inzibati xətalar və cinayətlərlə mübarizədən ibarətdir. Ona görə mən arzu edərdim ki, layihənin preambulasında gömrük orqanlarının hüquq mühafizə orqanı olması barədə müəyyən fikirlər verilsin. Bu tamamilə unudulubdur. Təkcə icra orqanı deyil, həm də hüquq mühafizə orqanıdır.
İkinci, hesab edirəm ki, məcəllənin strukturunda müəyyən uyğunsuzluqlar var. Bu da onun istifadəsini olduqca çətinləşdirir. Əgər preambula, doğrudan da, məcəllənin məqsəd və vəzifələrini müəyyən edirsə, ondan sonra gələn fəsil “Gömrük işi sahəsində qanunvericilik” adlandırılmalı idi. Maddələr isə ardıcıl olaraq gömrük qanunvericiliyi, gömrük qanunvericiliyinin prinsipləri, gömrük qanunvericiliyinin məkana, zamana  və şəxsə görə qüvvəsi  kimi getməli idi. Çox təəssüf ki, bunlar yoxdur. Daha doğrusu, çox yaxşı olardı ki, “gömrük işi sahəsində cinayətlər” anlayışı verilsin. Gömrük işi sahəsində cinayətlərin tərifi 17-ci maddədən qabaq verilməli və cinayət qanunvericiliyi ilə qadağan olunmuş, ölkənin iqtisadi təhlükəsizlik maraqlarına, milli təhlükəsizliyinə, ictimai asayişə, insanların həyat və sağlamlığına, əhalinin  mənəviyyatına və ətraf mühitə zərər vuran və ya  zərər vurmaq təhlükəsi yaradan, törədilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə cinayət məsuliyyəti müəyyən edilmiş ictimai təhlükəli hərəkət kimi müəyyən edilməlidir.
Daha sonra, 18-ci maddədə “gömrük qaydalarına görə inzibati xətalar” anlayışı verilməlidir. Bu anlayış belə yazılsa, daha yaxşı olar: “gömrük qaydalarının əleyhinə olan  inzibati xətalar şəxsin bu məcəllə ilə gömrük işi üzrə Azərbaycan Respublikasının  digər qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə müəyyən edilən Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirilən malların və vasitələrin keçirilmə qaydasına (gömrük prosedurlarının tətbiq edilməsi daxil olmaqla) gömrük nəzarəti, gömrük işi ilə əlaqədar valyuta nəzarəti, gömrük rəsmiləşdirilməsi, gömrük ödənişlərinin qoyulması və ödənilməsi, gömrük güzəştləri verilməsi və ondan istifadə qaydalarına qəsd edən və törədilməsinə görə Azərbaycan Respublikasının  İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət nəzərdə tutulan hüquq pozuntuları, hüquqazidd hərəkət və hərəkətsizlik kimi müəyyən edilsin”. Mən arzu edərdim ki, hüquq mühafizə orqanı kimi fəaliyyətə dair maddələr ümumi hissədən xüsusi hissəyə keçirilsin.
1.0.4-cü maddədə “daxili mallar” terminindən istifadə olunur. Mən hesab edirəm ki, “daxili mallar” əvəzinə “Azərbaycan malları” yazılması daha məqsədəuyğundur.  Belə ki, Azərbaycan  malları daha geniş anlayış yaradır. Bundan başqa, yaxşı olardı ki, Azərbaycan hüquq sistemində qəbul olunmuş və təcrübədə tətbiq edilən terminlərdən istifadə olunsun. Rusiyada da “Rusiya malları” kimi gedir.
1.0.2-ci maddədə göstərilən “bəyannaməçi” termini mahiyyətcə düzgün termin deyil. Mənə elə gəlir ki, “deklorant” termini işlənsə, daha yaxşı olar. “Deklorant, yəni malları bəyan edən və adından bəyan edilən şəxs” kimi göstərilsə daha doğru olardı.
1.0.11-ci maddədə “gömrük bəyannaməsi – gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barədə gömrük orqanlarının tələb etdiyi məlumatların maraqlı şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə göstərdiyi sənəd” kimi göstərilməsi daha doğru olardı. 1.0.24-cü maddədə... 
Sədrlik edən. Vaxtınız qurtardı. Çox sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Mən keçən dəfə məcəllə layihəsi barədə çıxışımda iradlarımı bildirmişdim və bunlar nəzərə alınıbdır. Mən də həmkarlarımın fikirlərinə qoşuluram ki, olduqca mükəmməl bir sənəddir. Amma sənədin mükəmməl olmasının Dövlət Gömrük Komitəsinin hansı formada fəaliyyət göstərməsinə ciddi şəkildə təsir edib-etməyəcəyi, təbii, gələcəyin işidir. Hər halda, cənab Prezidentin son dövrdə ölkənin daxili vəziyyəti ilə bağlı  atdığı çox ciddi  addımlar, verdiyi sərəncamlar, apardığı işlərlə yanaşı, bu komitənin görə biləcəyi böyük işlər var. Ölkədə istehlak mallarının ucuz olması və istehsal edilən malların kənardan gətirilməməsi, artırılan tariflərin tətbiqi,  ölkədə istehsal olunan malların kənardan baha qiymətə gətirilməsi ilə bağlı işlər var. Ümumiyyətlə, ölkədə gömrük bir dövlətin sifətidir, simasıdır və gömrük işçilərinin davranışlarından tutmuş, qanunlara əməl etmələrinə qədər, bunlar çox prinsipial məsələlərdir.
Aydın müəllimin burada olmasından istifadə edib bildirmək istəyirəm  ki, bu mükəmməl qanunun daha çox gömrük işçiləri arasında təbliğ olunması, onların daha çox maarifləndirilməsi, bunun cəmiyyətə çatdırılması, televiziyalarda xüsusi verilişlərin hazırlanması çox mühümdür. Hesab edirəm ki, bu qədər mükəmməl bir qanunla Dövlət Gömrük Komitəsi normal şəkildə iş qurarsa, ölkənin sosial vəziyyətində, daxili siyasətində və xaricdən gələn qonaqlar qarşısında ölkənin simasının təqdim edilməsində xeyli dəyişikliklərə nail olmaq mümkündür. Mən də  bu məcəlləyə səs verəcəyəm. Dövlət Gömrük Komitəsinə də uğurlar arzulayıram. Hesab və ümid edirəm ki, ölkədə ciddi dəyişikliklər üçün bu məcəllədən normal şəkildə istifadə olunacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli həmkarlarım, bu gün  ikinci oxunuşda müzakirəyə çıxarılmış Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi haqqında  həmkarlarımın dedikləri fikirlərin müəyyən hissəsi ilə mən də razıyam. Qeyd etmək istəyirəm ki, artıq bizim komitədə iki dəfə müzakirə olunarkən bu məcəllə layihəsi ilə bağlı komitə üzvləri öz dolğun və tutarlı, hüquqa söykənən fikirlərini ortaya qoymuşlar. Birinci oxunuşda təqdim olunan sənəd  olduqca geniş idi və biz təklif etdik ki, bu qısaldılmalıdır. Məcəllə layihəsi artıq 358 maddədən yox, 334 maddədən ibarətdir və 24 maddə ixtisar edilib. Bundan başqa, maddələrin tərkibində müəyyən bəndlər, müddəalar qısaldılıb və layihə daha dolğun, oxunaqlı olub. Qeyd etmək istəyirəm ki, bu məcəllədən bəhrələnən təkcə Azərbaycan vətəndaşları olmayacaq, eyni zamanda, Azərbaycanla biznes əlaqələri quran digər dövlətlərin müəyyən şirkətləri və vətəndaşları da olacaqlar. 
Bu gün bizə təqdim olunan variant  bunu deməyə əsas verir ki, layihə beynəlxalq hüquq normalarına,  praktikaya  uyğunlaşdırılmışdır.  Bu isə olduqca normal və müsbət qiymətləndirilən, dəyərləndirilən hallardan biridir. Komitənin iclasında da mən bir neçə məqama münasibətimi bildirmişdim. Bunların bəziləri haqqında Aydın müəllim fikirlərini bildirəndə qeyd etdi ki, biz bunu nəzərə alacağıq və baxacağıq. Doğrudan da, növbəti mərhələdə həmin qeydlər artıq layihədə müəyyən qədər öz əksini tapmışdır və bu da mənim üçün maraqlı və önəmlidir. Amma iki konkret məsələ ilə bağlı mən öz fikrimi bildirmək istəyirəm. Bu məsələlərdə yenə də öz mövqeyimdə qalıram.
Bunlardan birincisi 10-cu fəslə aiddir. 10-cu fəsildə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və hərəkətsizliyindən şikayət vermə ilə bağlı 52-ci maddə var. 52-ci maddənin 52.3-cü bəndində qeyd olunur: “Qanunla başqa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən geci otuz gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir”. Komitənin iclasında da bu məsələ ilə bağlı mən və  İqtisadi siyasət komitəsinin digər üzvləri də fikir bildirdilər ki, bəlkə biz bunu 15 günə endirək. Düzdür, Dövlət Gömrük Komitəsi öz mövqeyində qaldı və əsaslandırdı ki, lazım gələndə müəyyən sənədlər tələb olunur və sair.
Amma mən fəaliyyətini bu məcəllə ilə tənzimləyən sahibkarların mövqeyini bir daha müdafiə etmək fikrindəyəm. Təbii ki, dövlətin marağı, mövqeyi nəzərə alınması şərti ilə. Bu sənədlərin otuz gün müddətində araşdırılması, müəyyən məsələlərin müzakirə olunması sahibkara çox baha başa gələ bilər. Belə ki, bazarda bir qıtlıq yarandıqda sahibkar çox normal bir yolla ölkəyə müəyyən malların gətirilməsində maraqlı olur və hər hansı bir qüsur ortaya çıxdıqda bu sənədlərin araşdırılması üçün otuz gün müddət verilməsi həmin bazarın  başqa şəxslər tərəfindən mallarla doldurulmasına gətirib çıxaracaq və nəticədə sahibkarlar müflisləşə bilərlər. Şükürlər olsun Allaha ki, Dövlət Gömrük Komitəsinin kifayət qədər maddi-texniki bazası var, hər bir iş kompüterləşib, mərkəzləşdirilib. Hesab edirəm ki, bu şikayətlərə 15 gün müddətində baxılması olduqca məqsədəuyğundur.
12-ci fəslin 70-ci maddəsinə münasibət bildirmək istəyirəm. Gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri  əvvəlki  layihədə 70.2.2-ci maddə idi, indi 70.2-ci maddəyə düşüb. Burada deyilir: “Həmin sənədlər şəxsin yaxud onun nümayəndəsinin qeyd olunan pozuntu hallarının aşkar edildiyi əməliyyat üzrə sənədlərin təqdim edilməsi barədə gömrük orqanının  bildirişinin  təqdim  edildiyi  tarixdən  əvvəlki beş  ilədək dövrü əhatə edə bilər”. Biz bu məsələ ilə bağlı keçən dəfəki müzakirələrdə fikirlərimizi dedik. İlkin variantda, səhv eləmirəmsə, üç il nəzərdə tutulmuşdu, müzakirələrdən sonra beş ilə çıxarıldı. Mən hesab edirəm ki, hər hansı bir sənədin araşdırılması üçün müəyyən şirkətlərin, hüquqi şəxslərin beş illik fəaliyyəti ilə bağlı sənədlərin tələb olunması məqsədəuyğun deyil. Hesab edirəm ki, ilkin variantdakı ən azı üç il müddətini saxlamaq daha uyğun olardı, çünki  müəyyən məsələlərdən şikayət hüququ 3 ildən sonra bitir, yəni şəxs bu hüquqdan məhrum olur. Dövlət orqanları və sair orqanlar müəyyən məsələ ilə bağlı mülki qaydada şikayət edirlərsə, orada müddət üç ilə qədər göstərilir. Burada da, hesab edirəm ki, dövlət orqanlarının əvvəlki üç il üçün sənədləri tələb etməsi daha yaxşı olardı. Bir daha qeyd edirəm ki, olduqca dolğun bir sənəddir.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli millət vəkilləri! Məlum olduğu kimi, 1997-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Gömrük Məcəlləsi meydana çıxanda ölkənin gömrük işi sahəsində milli təcrübəsi hələ formalaşmamışdı. Buna görə həmin dövrdə yaxın və bənzər ölkələrin iş  və  qanunvericilik təcrübəsindən faydalanaraq, ilkin Gömrük Məcəlləsi hazırlanmışdı. Doğrudur, Dövlət Gömrük Komitəsi sonrakı dövrlərdə meydana çıxan çətinlikləri aradan qaldırmaq üçün əsasnamələr, digər direktiv  sənədlər  hazırlayıb  mövcud  boşluğu doldurmuşdu, amma birinci
Gömrük Məcəlləsinin qəbulundan keçən 14 il ərzində artıq özünün 20 illiyini qeyd edən müstəqil dövlətimizin milli gömrük təcrübəsi də meydana çıxmışdır. Hətta belə demək mümkündür ki, Azərbaycan dövlətinin özünün milli gömrük ənənəsi formalaşmışdır.
Bundan başqa, beynəlxalq gömrük təcrübəsinin Azərbaycanda sınaqdan çıxarılması baxımından da müəyyən təcrübə əldə olunmuşdur. Bu gün müzakirəyə təqdim olunan Gömrük Məcəlləsinin layihəsi də elə həmin ehtiyacdan və zərurətdən yaranmışdır. Fikrimcə, 1997-ci ildə qəbul olunan Gömrük Məcəlləsi keçid dövrü üçün hesablanmış Gömrük Məcəlləsi idi. Bu gün müzakirəyə təqdim olunan Gömrük Məcəlləsinin layihəsi isə milli təcrübə, ölkənin özünün imkanları və xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan, müstəqillik dövrünün bəlkə birinci Gömrük Məcəlləsi olacaqdır.
Deputat həmkarlarımın da dedikləri kimi, həqiqətən, Gömrük Məcəlləsinin layihəsi ölkənin təcrübəsi əsasında və beynəlxalq təcrübənin də Azərbaycana uyğun gələn məqamları nəzərə alınmaqla hazırlanmış çox mükəmməl bir sənəddir. Burada, ümumiyyətlə, ölkənin keçid-buraxılış məntəqələrində, geniş mənada gömrük mühitində baş verən bütün proseslər özünün incəliklərinə qədər nəzərə alınmışdır. Hətta ölkəmizdə fəaliyyət göstərən  beynəlxalq qurumların, diplomatik nümayəndələrin də gömrük prosesi ilə əlaqədar vəzifələri və hüquqları da təqdim olunan layihədə  dolğun şəkildə əksini tapmışdır. Buna görə mən də deputat həmkarım hörmətli Siyavuş Novruzovun təklifini nəzərə alaraq, bu gün müzakirəyə çıxarılan  Gömrük Məcəlləsi layihəsinin ikinci və elə üçüncü oxunuşda da qəbul olunmasına tərəfdaram. Bu gün burada səslənən fikirlər, iradlar hamısı redaktə xarakterli iradlardır. Bunlar üçün əlavə müzakirəyə ehtiyac yoxdur. Mən bunu Azərbaycanın müstəqillik dövrü iqtisadi təhlükəsizliyini təmin edə bilən, Azərbaycan reallıqlarına uyğun gələn, sonrakı inkişafımıza kömək edən mükəmməl bir sənəd kimi qəbul edirəm və bu məcəllənin xeyrinə səs verilməsinə çağırıram.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm. İlk öncə mən də həmkarlarım kimi,  işçi qrupa, komitələrə belə mükəmməl sənəd hazırladıqları üçün təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezidentin son illər ekologiyaya,  Azərbaycan təbiətinə, vətəndaşlarının sağlamlığının qorunmasına göstərdiyi marağı nəzərə alaraq, hesab edirəm ki, mütləq Gömrük Məcəlləsində təhlükəsizlik məsələlərindən bəhs olunmalıdır.
Ziyad müəllim də yaxşı bilir. Biz bir il öncə bu layihə ilə bağlı İnsan hüquqları komitəsi olaraq komitəyə müraciət etmişdik. Vətəndaşlarımızın  sağlamlığının qorunması, qida məhsullarının təhlükəsizliyi baxımından,  hesab edirəm ki, mütləq 323.1.5-ci maddəyə ekoloji baxımdan təhlükəli, tərkibində ozon qatını dağıdan maddələr olan malların və tullantıların siyahısına tərkibində genetik modifikasiya orqanizmləri olan toxumlar və qida məhsulları da əlavə edilməlidir. Hörmətli həmkarlarım, tərkibində genetik modifikasiya orqanizmləri olan məhsullar artıq Azərbaycan bazarında vardır. Biz buna qarşı heç bir tədbir görmürük. Bizim sərhədlərimiz bu mallar üçün açıqdır. Rusiya dövləti buna qarşı tədbirlər görür və həmin tədbirləri getdikcə sərtləşdirir. Son sənəd keçən ilin yanvarında Dmitri Medvedyev tərəfindən imzalanmışdır. Həmin sənəddə sərhədlərin daha da möhkəmləndirilməsi, doktrinanın yazılması, qida məhsullarının təhlükəsizliyi nəzərdə tutulur.
Tərkibində genetik modifikasiya daşıyan toxumların Azərbaycana gəlməsi o deməkdir ki, həmin sahələrdə daha bizim təbii meyvələrimiz, tərəvəzlərimiz yetişməyəcək. Azərbaycanın brendi olan tərəvəz və meyvələr artıq xaricə çıxa bilməyəcək və bunlar hamısı Azərbaycanın vizitkasıdır, belə deyək. Azərbaycan uzun illər bu məhsulları Sovetlər Birliyinin bazarlarına çıxarırdı və bütün məhsullarımız orada alınırdı. İndi isə Avropa məkanında təbii məhsullara verilən yüksək qiyməti nəzərə alaraq Azərbaycan buna da bir şans kimi baxa bilər. Öz təbiətimizi qorumaq üçün biz sərhədləri daha da möhkəm saxlamalıyıq və belə qida məhsullarının, toxumların Azərbaycana gətirilməsi qaydalarını sərtləşdirməliyik. İlk addım kimi də Gömrük Məcəlləsi layihəsinin 65.7, 92.6.4, 92.6.2, 97-ci maddələrinə genetik modifikasiya olunmuş orqanizmlərlə bağlı müddəalar sala bilərik. 97-ci maddədə həm də mütəxəssislərin və ekspertlərin cəlb edilməsi məsələsi də var.  Təbii, bizdə belə mütəxəssislər və laboratoriyalar olmalıdır ki, gətirilən məhsulları genetik baxımdan təhlil etməyi bacaraq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, buyurun.
A.Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. İlk növbədə icazə verin, bütün Milli Məclis üzvlərinə, xüsusilə  Ziyad müəllim, Əli müəllim başda olmaqla komitə üzvlərinə və Rauf müəllim başda olmaqla İqtisadi qanunvericilik şöbəsinin əməkdaşlarına Gömrük Məcəlləsinin layihəsi üzərində işləmələri ilə bağlı ürəkdən təşəkkürlərimi bildirim. Məcəllə layihəsinin ilk təqdimatı 2006-cı ilin noyabr ayında olmuş və yalnız 4 ildən sonra, 24 dövlət qurumunda iki dəfə ekspertizadan keçirildikdən sonra  Milli Məclisə təqdim edilmişdir. Ona görə də layihənin belə operativ şəkildə müzakirəsi  bizi həvəsləndirir.
Balaca bir arayış vermək istərdim. Birinci oxunuşda ezamiyyətlə bağlı mən iştirak etmədim. Bu məcəllənin layihəsi beynəlxalq  mütəxəssislər tərəfindən yazılıb. Avropa İttifaqının Azərbaycan gömrük xidmətinə yardım çərçivəsində hazırlanmış layihədir. Bunun yazılmasında iştirak edən beynəlxalq mütəxəssislər dünyada tanınmış mütəxəssislərdir. Onlar Azərbaycan gömrük xidməti yox, Ümumdünya Gömrük Təşkilatı, BMT-nin Azərbaycandakı ofisi və bir sıra beynəlxalq təşkilatlar tərəfindən  seçilmişlər. Ona görə də bu layihə beynəlxalq konvensiyalar dili ilə yazılmışdır.  Ona görə də müəyyən texniki qüsurlar var idi, müəyyən maddələr bizim qanunvericilik dilimizə  uyğun gəlmirdi. Bunlar üzərində yenidən işləməli olmuşduq.
Maddələrin və ümumiyyətlə, məcəllə layihəsinin quruluşuna Azərbaycan gömrük xidməti tərəfindən müdaxilə edilmədən sırf beynəlxalq standartlara uyğun hazırlanmışdır. Baxmayaraq ki, bu layihə Avropa İttifaqı tərəfindən verilmişdir, hazırlanmasında müxtəlif ölkələrdən, o cümlədən Avstraliyadan, Yeni Zelandiyadan, Kanadadan və sair ölkələrdən mütəxəssislər iştirak edirdilər. Mən texniki məsələlər üzərində dayanmaq istəmirəm. Bir neçə qlobal  məsələyə toxunmaq istərdim.
Elmira xanım çıxışında ictimai asayişlə bağlı qeyd etdi. Bildiyiniz kimi, gömrük zonası xüsusi bir zonadır, orada ictimai asayişi qanunvericiliyə əsasən yalnız gömrük əməkdaşları həyata keçirirlər. Artıq uzun illərdir gömrük xidmətinin özündə də gömrük mühafizəsi xidməti var. Söhbət rejim zonası olan yerlərdə ictimai asayişin qorunmasından gedir. Cinayət əməli aşkar olunarkən yalnız şirkətlərə, hansısa qurumlara məxsus olan yox, vətəndaşlara məxsus olan rabitə və digər vasitələrdən istifadə məsələsi bizim üçün çox gözəl olardı. Bunun üzərində daha geniş dayanmaq istəmirəm. Bu məsələ 22.2-ci maddədə dəqiq verilmişdir. Bir var, öz adından, bir də var, konkret  şəxsin adından. Bunun dəqiq açılışı həmin maddədə göstərilir.
“Mühafizə standartları” anlayışı haqqında. Artıq 3 ildən yuxarı, 4 ilə yaxındır ki, gömrük təşkilatı gömrük sahəsində “çərçivə standartları” deyilən bir sənəd qəbul edir. 150-dən artıq ölkə bu sənədə qoşulmuşdur. Həmin standartlar da müasir gömrük işinin əsasını təşkil edir. Sadəcə olaraq, məcəllə layihəsi hazırlanarkən “çərçivə” sözü götürülüb, yəni  iqtisadi təhlükəsizlik və ticarətə dəstək standartları nəzərdə tutulur. “Mühafizə standartları” sözləri ilə  əvəz olunmuşdur.
52.3-cü maddə ilə bağlı irad bir neçə dəfə səslənib. Burada şikayətvermə müddəti 30 gün müəyyən edilir. Bu maddə müxtəlif nazirliklər, Prezident Administrasiyası tərəfindən ekspertizadan keçirilmişdir.  Sadəcə olaraq, inzibati qanunvericiliyimizdə 30 gün nəzərdə tutulur. Mən yenə deyirəm, hazırda hansısa şikayət bir həftədən yuxarı vaxt ərzində araşdırılır və qərar da verilir. Amma qanunvericilikdə “30 gün” nəzərdə tutulmuşdur. Biz etiraz eləmirik, “15 gün” yazılsın. Sadəcə olaraq, bir xahişim var ki, bu müddət 15 günə endirilsə, oraya belə bir cümlə əlavə edilsin: “zəruri olan hallarda bu müddət uzadıla bilər”. Çünki elə  araşdırmalar var ki, Azərbaycan gömrük xidmətindən asılı deyildir. Mən komitənin iclasında misal gətirdim. Misal üçün, bir şikayət ilə bağlı sorğu olmuşdur. Fransa gömrük xidməti böyük təsirdən, səfirliyin müəyyən tədbirlərindən, 6 aydan sonra cavab verdi. Gömrük attaşesi bunu təqdim edərkən dedi ki, bizdə, ümumiyyətlə, bu cür sorğuların baxılma müddəti 3 ildir. Yəni müəyyən məsələlər var ki, bizdən asılı deyil. 15 günə endirilirsə, bizim etirazımız yoxdur. Yalnız bir cümlə əlavə olunsun.
Elton müəllimin çıxışında toxunduğu tranzit, saxlanma və sair məsələlərə gəldikdə deyim ki, bunların hər birinin öz gömrük rejimi var. Bu gömrük rejimləri də beynəlxalq standartlara cavab verir. Heç bir ölkə yeni gömrük rejimi icad edə bilmir. Ona görə də hər bir rejim müvafiq maddədə öz əksini tapmalıdır. Buna görə də hər biri ayrı maddələrdə göstərilir.
70-ci maddə,  əvvəlki beş ilin sənədlərinin yoxlanılması ilə bağlı. Gömrük xidmətinin özü sənədləri nəinki 5 il, heç 3 il də saxlamır, çünki kompüter var. Lazım olan zəruri  məlumatları oradan götürə bilirik. Sadəcə olaraq, bunlar Vergi Məcəlləsi ilə bağlıdır. Vergi yoxlamaları aparılırsa,  xarici iqtisadi əlaqələrin iştirakçıları, onların fəaliyyəti ilə bağlı sorğular gələ bilər. Yalnız bununla bağlı biz 5 il müddətini nəzərdə tutmuşuq.
O ki qaldı audit yoxlamalarına, bu müddəalar köhnə məcəllədə də var. 1997-ci ildən başlayaraq bu günə qədər biz audit yoxlamalarına  heç vaxt əl atmamışıq. Ümumiyyətlə, bütün dünyada gömrük məcəllələrində bu maddə var. Gömrük imtiyazlarından istifadə olunan hallarda  imtiyazlarla gətirilən yükün təyinatı üzrə istifadə olunması ilə bağlı yoxlamalar aparıla bilər. Bununla da əlaqədar belə bir maddə salınıb.
Əhməd müəllim çıxışında tariflər ilə bağlı tam düzgün qeyd etdi ki, belə maddələr olmalıdır və var. Gömrük qanunvericiliyi yalnız Gömrük Məcəlləsindən ibarət deyil. Əsas qanunlarımızdan biri də gömrük tarifi haqqındadır. 1997-ci ildə Gömrük Məcəlləsi ilə bir yerdə “Gömrük tarifi haqqında” Qanun da qüvvəyə minmişdi. Çünki bunlar bir-biri ilə bağlı  sənədlərdir. Həmin qanunda Sizin qeyd etdiyiniz mövsümi rüsumlar və sair nəzərdə tutulubdur.
İlyas müəllim çıxışında texniki məsələlərə toxundu. “Cinayət”, “inzibati xətalar” anlayışları köhnə məcəllədə nəzərdə tutulmuşdu. Sadəcə olaraq, sonra bütün məcəllələrdən bunlar çıxarıldı, çünki İnzibati Xətalar  Məcəlləsi, Cinayət Məcəlləsi var. Hesab edirik ki, bu da normal və düzgündür. Bir məcəllədə nəzərdə tutulsun deyə qüvvədə olan Gömrük Məcəlləsindən çıxarılmışdır. Ona görə də bu məcəllə layihəsinə salınmayıb.
“Daxili mallar” anlayışının “Azərbaycan malları” sözləri ilə əvəz olunması təklif edildi. İndiki məcəllədə “Azərbaycan malları” anlayışı var. Bu, beynəlxalq standartlara cavab verən bir anlayışdır. “Azərbaycan malı” dedikdə biz Azərbaycanda istehsal olunan və ya Azərbaycanda sərbəst tədavülə buraxılan malları nəzərdə tuturuq. Beynəlxalq ekspertlər bu maddəni bir də nəzərdən keçirərlər. Beynəlxalq praktikada “daxili mallar” adlanır. Bu daha düzgün olardı, çünki Azərbaycanda istehsal olunmayıb, amma bizdə sərbəst tədavüldədir, satışda da ola bilər və sair. Ona görə bunu  beynəlxalq standartlara uyğun olaraq “daxili mallar” anlayışı ilə əvəz etdilər.
“Bəyannaməçi” anlayışı qüvvədə olan məcəllədə də var. “Deklorant” sözü var idi və indi də var. Azərbaycan qanunvericilik dilinə uyğun olması üçün “deklorant” sözünün “bəyannaməçi” sözü ilə əvəzlənməsini təklif etdik.
Çingiz müəllim çıxışında yenə 52.3 və 70-ci maddələrə toxundu. Mən bununla bağlı açıqlama verdim. Aytən xanımın  çıxışı ilə bağlı deyim ki, layihə yazılarkən genetik modifikasiyalı mallar ilə bağlı qanun yox idi. Bu mallar ekoloji baxımdan ziyandırsa, layihədə bununla bağlı müddəa var.  223.1.5-ci maddədə bundan bəhs edilir. Gələcəkdə qanun qəbul edilərsə, bununla bağlı açıqlamalar olarsa, bunları məcəlləyə əlavə etmək olar. Qanunvericilik texnikası baxımından əvvəl bu sahə ilə bağlı qanun olmalıdır ki, sonra Gömrük Məcəlləsində öz əksini tapsın.
Bir daha hamınıza təşəkkür edirəm. Ümid hissi ilə baxırıq ki, bu məcəllənin qəbul olunması və tətbiqi Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafına xidmət edəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Aydın müəllim. Məcəllə layihəsinin ikinci oxunuşudur. Layihə 59 fəsil, 334 maddədən ibarətdir. Təklif edirəm ki, on fəsil-on fəsil səsə qoyaq. Xahiş edirəm, 1-10-cu fəsillərə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.10 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
11–20-ci fəsillərə münasibət bildirin.
             
Səsvermənin nəticələri (saat 18.11 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  110
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
21–30-cu fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 18.11 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
31–40-cı fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 18.12 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
41–50-ci fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 18.12 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
51–59-cu fəsillərə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 18.13 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuruq, münasibət bildirin.
 

Səsvermənin nəticələri (saat 18.13 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun. Mən ümidvaram ki, layihəni hazırlayıb  yaz sessiyasında üçüncü oxunuşa çıxaracağıq. Çox sağ olun. Bununla bugünkü  iclas sona çatdı.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi