2011-ci il 15 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ

AZƏRBAYCAN  RESPUBLİKASI

MİLLİ  MƏCLİSİNİN

IV  SESSİYASI  İCLASININ

 

PROTOKOLU  №  24

 

Milli  Məclisin  iclas  salonu.

15  noyabr  2011-ci  il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik etmişdir.

 

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

 

Qeydiyyat (saat 12.00 dəq.)

İştirak edir 105

Yetərsay 83

 

İclasa dəvət olunmuşlar:

 

Hidayət Orucov,  Azərbaycan Respublikasının Dini Qu­rum­larla İş üzrə Dövlət Komitəsinin sədri.

Ramiz Hüseynov,  Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi rəisinin birinci müavini.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respub­likası Konstitusiya qanununun layihəsi barədə (birinci səsvermə, ikinci oxunuş).

2. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Res­pub­likası Konstitusiya qanununun layihəsi barədə (ikinci səsvermə).

3. “Azərbaycan Respublikası Hökuməti və Polşa Res­publikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsas­ları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişi­kliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

5. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsi­qəsi haqqında” Azərbaycan Respublikasının Qanununda də­yişiklik edilməsi barədə Azərbaycan Respublikası qanu­nu­nun layihəsi haqqında.

6. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azər­baycan Respublikasında daimi yaşayan vətəndaşlığı olma­yan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edil­miş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nə­ti­cəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qa­nu­nunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. “Elektroenergetika haqqında” Azərbaycan Res­pub­li­ka­­nın Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qa­nununda dəyişiklik edilməsi barədə Azərbaycan Res­pub­li­kası qanununun layihəsi haqqında.

11. “İcra məmurları haqqında” Azərbaycan Respubli­ka­­nın Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res­publikası qanununun layihəsi haqqında.

12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də­yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə­cəl­­sində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res­publikası qanununun layihəsi barədə.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respub­likası qanununun layihəsi barədə.

15. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəl­ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res­publi­kası qanununun layihəsi barədə.

16. “Azərbaycan Respublikası Dövlət Gömrük Komi­təsinin 20 illiyi (1992–2012)” Azərbaycan Respublikasının yu­bi­ley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Res­publikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişik­liklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

17. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

18. “Notariat haqqında” Azərbaycan Respublikasının Qa­nu­nunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respubli­kası qanununun layihəsi haqqında.

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl­ləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

21. “Rəsmi statistika haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay­can Respublikası qanununun layihəsi haqqında.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də­yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

24. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliy­yələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barədə Azər­baycan Respublikası qanununun layihəsi haqqında.

25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl­ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res­pub­li­­kası qanununun layihəsi barədə.

27. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbay­can Respublikası qanununun layihəsi haqqında.

30. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qa­nu­nunun layihəsi barədə.

31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qa­nununun layihəsi barədə.

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

 

Gündəlik haqqında.

 

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.00 dəq.)

Lehinə 101

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 101

Nəticə: Qəbul edildi

 

1. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Tahir Rzayev, İqbal Ağazadə, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Fazil Mustafa, Ziyafət Əsgərov, İlyas İsmayılov, Gülər Əhmədova, Zahid Oruc, Rafael Cəbrayılov

 

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.09 dəq.)

Lehinə 107

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 109

Nəticə: Qəbul edildi

 

Təklif: Layihənin adı, preambulası, 1–6-cı maddələr qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.54 dəq.)

Lehinə 109

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 110

Nəticə: Qəbul edildi

 

Təklif: 7–12-ci maddələr qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.54 dəq.)

Lehinə 107

Əleyhinə 2

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 109

Nəticə: Qəbul edildi

 

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.55 dəq.)

Lehinə 105

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 106

Nəticə: Qəbul edildi

 

Təklif: Konstitusiya Qanunu qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.56 dəq.)

Lehinə 110

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 111

Nəticə: Qəbul edildi

 

2. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasın­da dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi barədə (ikinci səsvermə).

 

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 12.58 dəq.)

Lehinə 110

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 110

Nəticə: Qəbul edildi

 

3. “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Fərəc Quliyev

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.04 dəq.)

Lehinə 106

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 106

Nəticə: Qəbul edildi

 

4. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası­nın Qanununda dəyişikliklər edilməsi barədə Azərbay­can Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Fazil Mustafa, Elmira Axundova, Cavanşir Feyziyev, Ceyhun Osmanlı, Qüdrət Həsənquliyev

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.18 dəq.)

Lehinə 101

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 102

Nəticə: Qəbul edildi

 

5. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qa­nununda dəyişiklik edilməsi barədə Azərbaycan Res­publi­kası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.19 dəq.)

Lehinə 90

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 90

Nəticə: Qəbul edildi

 

6. Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr ta­rixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azər­bay­can Respublikasında daimi yaşayan vətən­daş­lığı ol­ma­yan şəxslərin və Azərbaycan Respublikasında 30 gün­dən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.19 dəq.)

Lehinə 99

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 99

Nəticə: Qəbul edildi

 

7. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbay­can Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.20 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

 

8. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halların­dan icbari sığorta haqqında” Azərbaycan Respubli­ka­sının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Əsədullayev

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 13.21 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

 

9. “Elektroenergetika haqqında” Azərbaycan Res­publi­kasının Qanununda dəyişiklik edilməsi barədə Azər­baycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Valeh Ələsgərov, Fazil Mustafa, Əli Məsimli, Qüdrət Həsənquliyev, Bahar Muradova, Kamilə Əliyeva, Qənirə Paşayeva, Astan Şahverdiyev, Hikmət Atayev, Etibar Hüseynov, Novruzəli Aslanov, Fəzail Ağamalı, Elton Məmmədov, Ərəstun Cavadov, Xanhüseyn Kazımlı

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 14.06 dəq.)

Lehinə 102

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 103

Nəticə: Qəbul edildi

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respubli­ka­­nın Qanununda dəyişiklik edilməsi barədə Azərbay­can Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Bahar Muradova

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 14.07 dəq.)

Lehinə 93

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 93

Nəticə: Qəbul edildi

 

11. “İcra məmurları haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişikliklər edilməsi barədə Az­ər­bay­can Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 16.04 dəq.)

Lehinə 94

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 94

Nəticə: Qəbul edildi

 

12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişik­lik­lər edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Fazil Mustafa, Gövhər Baxşəliyeva, Elmira Axundova, Musa Qasımlı, Kamilə Əliyeva, Hikmət Atayev, Çingiz Qənizadə, Rafael Cəbrayılov, Oqtay Əsədov, Qənirə Paşayeva, Zahid Oruc, Nizami Cəfərov, Aqil Abbas, Fəzail Ağamalı, Bahar Muradova

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.21 dəq.)

Lehinə 103

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 104

Nəticə: Qəbul edildi

 

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbay­can Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.22 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

 

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.22 dəq.)

Lehinə 103

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 104

Nəticə: Qəbul edildi

 

15. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbay­can Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.24 dəq.)

Lehinə 103

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 103

Nəticə: Qəbul edildi

 

16. “Azərbaycan Respublikası Dövlət Gömrük Komi­təsinin 20 illiyi (1992–2012)” Azərbaycan Respubli­kasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azər­baycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qa­nununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res­­publikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.26 dəq.)

Lehinə 103

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 103

Nəticə: Qəbul edildi

 

17. “Yol hərəkəti haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişikliklər edilməsi barədə Azər­baycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Hikmət Atayev

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.42 dəq.)

Lehinə 90

Əleyhinə 0

Bitərəf 1

Səs vermədi 0

İştirak edir 91

Nəticə: Qəbul edildi

 

18. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.43 dəq.)

Lehinə 96

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 96

Nəticə: Qəbul edildi

 

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.44 dəq.)

Lehinə 96

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 96

Nəticə: Qəbul edildi

 

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respubli­ka­sının Qanununda dəyişikliklər edilməsi barədə Azər­bay­can Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.44 dəq.)

Lehinə 91

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 2

İştirak edir 93

Nəticə: Qəbul edildi

 

21. “Rəsmi statistika haqqında” Azərbaycan Respub­li­­kasının Qanununda dəyişikliklər edilməsi barədə Azər­baycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Çingiz Əsədullayev

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.46 dəq.)

Lehinə 96

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 96

Nəticə: Qəbul edildi

 

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Çingiz Əsədullayev, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 17.49 dəq.)

Lehinə 94

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 94

Nəticə: Qəbul edildi

 

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişdir: Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.50 dəq.)

Lehinə 95

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 95

Nəticə: Qəbul edildi

 

24. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun ma­­liy­yələşdirilməsinə qarşı mübarizə haqqında” Azər­bay­­can Respublikasının Qanununda dəyişiklik edilməsi ba­­rədə Azərbaycan Respublikası qanununun layihəsi haq­qında.

 

Çıxış etmişdir: Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.51 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

 

25. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.52 dəq.)

Lehinə 96

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 2

İştirak edir 98

Nəticə: Qəbul edildi

 

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbay­can Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli, Elmira Axundova

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.57 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

 

27. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 17.58 dəq.)

Lehinə 97

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

 

28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Fəzail Ağamalı

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 18.03 dəq.)

Lehinə 96

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 96

Nəticə: Qəbul edildi

 

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 18.03 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

 

30. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişdir: Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 18.04 dəq.)

Lehinə 92

Əleyhinə 0

Bitərəf 1

Səs vermədi 0

İştirak edir 93

Nəticə: Qəbul edildi

 

31. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri (saat 18.05 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri 

O.ƏSƏDOV

 

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

 

15 noyabr 2011-ci il. Saat 12.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

 

Qeydiyyat  (saat 12.00 dəq.)

İştirak edir  105

Yetərsay  83

 

Çox sağ olun. Yetərsay var. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.00 dəq.)

Lehinə 101

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 101

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Bugünkü iclasın gündəliyi böyük­dür. 31 məsələmiz var. Gələn iclasda büdcəni müzakirə edə­cə­yik. Xahiş edirəm, gündəliyə keçək. Gələn dəfə imkan ya­ra­darıq, sözünüzü deyərsiniz. Gündəliyin 1-ci məsələsi – Azər­baycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzv­lərinin təminatı haqqında Azərbaycan Respublikası Kons­titusiya qanununun layihəsi (ikinci oxunuş). Buyursun Əli Hüseynli.

Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.

Cox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkil­ləri! Mən ilk növbədə birinci oxunuş zamanı qanun layihə­sinin müdafiəsi ilə bağlı çıxış etmiş millət vəkillərinə bir daha öz təşəkkürümü bildirirəm. Qeyd etmək istəyirəm ki, birinci oxunuşdan sonra biz bu layihənin müzakirəsində mübahisəyə səbəb olmuş məsələləri bir daha gözdən keçir­dik. Əsas məsələ Konstitusiya qanunu layihəsinin 2-ci və 11-ci maddələri ilə bağlı idi. Mən bir daha vurğulamaq istəyirəm ki, bu qanun Konstitusiyanın 107-ci maddəsində göstərilmiş bir istisnadan başqa, əvvəllər Prezident seçilmiş bütün şəxslərə şamil olunur. Konstitusiyanın 107-ci maddəsi isə Azərbaycan Respublikası Prezidentinin vəzifədən kəna­r­laş­dırılmasının yeganə qanuni yolunu göstərir. 107-ci mad­dəyə görə, Prezident Milli Məclisin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərarı əsasında vəzifədən kənar­laş­dırıla bilər. Azərbaycan tarixində belə bir hal olmadığına görə bir daha vurğulayıram ki, bu qanun əvvəllər Prezident vəzifəsi tutmuş bütün şəxslərə şamil edilir.

Millət vəkilləri qanunun təsir dairəsinin daha da genişlən­diril­məsi, keçmiş Prezidentə və onun ailə üzvlərinə əlavə tə­minat­lar verilməsi barədə təkliflərlə çıxış etmişdilər. Bir neçə millət vəkili 2.1-ci maddədə dəyişiklik edilməsini, yəni keçmiş Prezidentin pensiya təminatının fəaliyyətdə olan Prezidentin vəzifə maaşının 50 faizi yox, 80 faizi məb­lə­ğində nəzərdə tutulmasını təklif etmişdi. Bununla bağlı nə­zə­ri­n­i­zə çatdırmaq istərdim ki, fəaliyyətdə olan Prezidentin aylıq vəzifə maaşının 50 faizi kifayət qədər böyük bir məbləğ – təxminən 7500–8000 manatdır. Eyni zamanda, biz onu da nəzərə almalıyıq ki, qanun layihəsinin 10-cu maddəsinə görə keçmiş Prezidentə Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri də ödənilməlidir. Bu iki vəsaiti toplayanda təxminən 70–80 faiz məbləğində pul təminatı alınır. Ona görə də işçi qrupu belə hesab etmişdir ki, qanun layihəsinin 2.1-ci maddəsindəki müddəanın saxlanılması daha məqsədəuyğundur.

Onu da qeyd edim ki, bu qanun layihəsi maliyyə eks­per­ti­za­sından keçirilmişdir və burada nəzərdə tutulan tə­mi­nat­larla bağlı maliyyə ekspertizasının da müsbət rəyi vardır.

Digər bir təklif vəfat etmiş keçmiş Prezidentin arvadına ödənilməli olan müavinətin onun məhz prezidentlik fəaliy­yəti dövründə həyat yoldaşı olmuş şəxsə şamil olunması barə­də idi. Amma biz bu təklifi də nəzərə almağı məqsədə­müvafiq hesab etmədik. Ona görə ki, bu məsələ Mülki Məcəllə ilə tənzimlənib. Söhbət keçmiş Prezident vəfat etdiyi tarixdə onunla qanuni nikahda olan şəxsdən gedə bilər. Hüquqi baxımdan burada bizim başqa bir təklifi qəbul elə­mək imkanımız yoxdur. Bu məsələni Mənzil Məcəl­lə­si­nin 225-ci maddəsi də tənzimləyir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, layihə üzərində müəyyən texniki redaktə, stilistik işlər aparılıb.

Hesab edirik ki, qanunun mövcud müddəaları həm Azər­baycan Respublikasının Konstitusiyasına, həm də bizim qanunvericiliyimizə tamamilə uyğundur. Ona görə mən millət vəkillərindən ikinci oxunuşda bu layihəni dəstək­ləməyi xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Görürəm, ikinci oxunuşda da çıxış üçün 13 nəfər yazılıb. Tahir Rzayev.

T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri, mən bu qanunun qəbul olunmasının tərəfdarıyam. Çünki bu, beynəlxalq bir normadır və belə bir qanun qəbul olunmalıdır.

Qanundan göründüyü kimi, o, bütün keçmiş prezidentlərə şamil olunur. Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsində deyilir ki, Prezident seçilmiş şəxs Azər­baycan Respublikası Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içir. Məlum olduğu kimi, ulu öndər istisna olmaqla keçmiş prezidentlərin heç biri bu anda sadiq olmamışdır. Ancaq Azərbaycan dövləti, Azərbaycan Prezidenti, Milli Məclis bu gün humanist bir mövqedən çıxış eləyir və bu qanunun qəbul olunmasının tərəfdarıdır.

Mən bir təklif edərdim. Burada bir çoxları deyirlər ki, filankəs yaxşı Prezident olub, filankəs pis Prezident olub. Əlbəttə, prezidentləri fərqləndirmək, onların işinə qiymət vermək lazımdır. Ancaq bu gün biz unutmamalıyıq ki, keçmiş Prezident Ayaz Mütəllibov haqqında bir neçə cinayət maddəsi ilə iş qaldırılıb və o, müəyyən məsuliyyət daşıyır. Əgər biz humanist mövqedən çıxış eləyiriksə, Ayaz Mütəlli­bov da özündə bir cəsarət tapaydı, öz səhvlərini Azərbaycan xalqı qarşısında etiraf edəydi, xocalılardan üzr istəyəydi, on­dan sonra bu qanun ona şamil olunaydı. Belə olardısa, bizim şəhidlərin də ruhu sevinərdi və Azərbaycan xalqı da bilər­di ki, Ayaz Mütəllibov hansı səhvləri edib və onun səhv­ləri Azərbaycan xalqı tərəfindən bağışlanılır. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mən üzr istəyirəm, ikinci oxunuş olduğu üçün biz bu Konstitusiya qanununu əsas kimi qəbul eləməliyik. Xahiş edirəm, onu əsas kimi qəbul eləmək üçün münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.09 dəq.)

Lehinə 107

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 109

Nəticə: Qəbul edildi

 

Qəbul edildi. Sağ olun. İqbal Ağazadə.

İ.Ağazadə. Çox sağ olun, möhtərəm Sədr. Hörmətli millət vəkilləri! Mən də birinci oxunuşda bu qanun layi­həsini təqdir etmişdim və hesab edirdim ki, bu, milli barış üçün, Azərbaycanda yeni bir ab-havanın yaradılması üçün çox önəmli qanunlardan və Milli Məclisin atdığı çox ciddi addımlardan biridir. Bunun üçün qanunun təşəbbüskarlarına da, Milli Məclis rəhbərliyinə də təşəkkürümü bildirmiş və bir sıra dəyişikliklərlə bağlı mövqeyimi ifadə etmişdim.

İndi Əli müəllim bəzi məsələlərə toxundu, xüsusilə vəfat etmiş Prezidentin arvadına ödənilməli olan müavinətlə bağlı məsələyə aydınlıq gətirdi. Mənim Əli müəllimə bir sualım var. Qanun bu gün üçün qəbul olunmur, o, həm də sabah üçündür. Tutaq ki, bir Prezidentin prezidentlik dönəmində iki həyat yoldaşı oldu. Birindən 2 il sonra ayrıldı, 3 il də o biri ilə yaşadı. Qanun bunu necə tənzimləyəcək? Sabah məhkəmə predmeti olmasın deyə, bu gün bu məsələ qanunda hüquqi həllini tapmalıdır. Kimin üçünsə bu indi gülməli görünə bilər. Amma bu, hüquqdur və bu, insanlara şamil olunursa, təbii ki, gələcək üçün bu hal da nəzərə alınmalıdır.

Mən çox təəssüf edirəm ki, cari məsələlər keçən dəfə də olmadı, bu dəfə də olmadı. Bu da hörmətli cənab Sədrin dediyi kimi, 31 qanun layihəsinin olması ilə bağlıdır. Amma bununla belə, mən kiçicik bir məsələyə toxunmaq istərdim. Çünki bu qanunun mahiyyəti cəmiyyətə yeni ab-hava, barış mühitinin gətirilməsidirsə, cəmiyyətdə növbəti dönəmlərdə də atılan addımlar buna xidmət eləməlidir.

Mətbuatda bu günlərdə hamımızın rastlaşdığımız bir xəbər – dünyaca məşhur alim çox hörmətli Rafiq Əliyevin Azər­baycan Dövlət Neft Akademiyasının rektoru tərəfindən vəzifəsindən azad edilməsi mahiyyət etibarilə bu tipli qanunların özünə də kölgə salır. Kafedra müdiri, dünyaca şöhrətli bir alimin iş qrafikini pozduğuna görə işdən azad olunması, hesab edirəm ki, yanlış bir addımdır. Bu, Azərbaycan elminə və Azərbaycan təhsilinə bu şəkildə mü­nasi­bəti özündə ehtiva etməməlidir. Çünki əgər dünya səviy­yəli bir alim ziyalılar forumunda çıxışa görə tutduğu vəzifə­dən iş qrafikini pozmaq bəhanəsi ilə çıxarılırsa, bu tipli qanunları sabah cəmiyyətə başqa əhvali-ruhiyyə ilə təqdim etmək çox çətin, çox müşkül olacaq.

Azərbaycan rəhbərliyi, o cümlədən də Milli Məclis rəhbərliyi Azərbaycan Dövlət Neft Akademiyası rektorunun bu yanlışlığının düzəldilməsi üçün ona dərhal müraciət etməlidir. Bu çox ciddi yanlışlıqdır. Bu, tələbənin dərsə gəlməyərək qaib alıb ali məktəbdən azad olunması kimi bir şeydir. Burada kifayət qədər fərqli siyasi mövqeyi olan ziyalılarımız əyləşib. Sabah hər hansı bir hakimiyyət heç bir ziyalının üzərinə siyasi mövqeyinə görə, məsələlərə fərqli yanaş­masına görə bu şəkildə getməməlidir. Azərbaycan ha­kimiy­yəti Dövlət Neft Akademiyası rektorunun bu səhvini çox ciddi şəkildə düzəltməli və cəmiyyət də bu səhvin düzəl­dilməsini görməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.

A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Mən bu qanun layihəsini tam müdafiə edirəm. Birinci oxunuşda ol­duğu kimi ikinci oxunuşda da bildirmək istəyirəm ki, bu qa­nun layihəsi dünya təcrübəsini, Azərbaycanın dövlətçilik təc­rü­bəsini, Azərbaycanda bu müddətdə siyasi sistemdə yaranan mədəniyyəti nəzərə alıb. Bu gün bu qanun Azərbay­canda siyasi mədəniyyətin bir güzgüsüdür, Azərbaycanda bu tip məsələlərin həll edilməsinin hüquqi mexanizminin artıq kifayət qədər formalaşdırıldığını göstərən bir amildir. Qanun layihəsinə mənim hər hansı bir əlavəm yoxdur. Hesab edirəm ki, o, səsə qoyulmaq üçün tam hazırdır. Hətta onu bu gün üçüncü oxunuş üçün də qəbul etmək olar.

İcazə versəniz, mövzudan bir qədər kənara çıxardım. Mən­dən əvvəl çıxış edən həmkarım İqbal Ağazadə ali mək­təb­lərin birində bir kafedra müdirinin işdən azad olunması məsələsinə toxundu. Mən təəssüf edirəm ki, xırda məsələləri biz parlament səviyyəsinə qaldırırıq. Təəssüf edirəm ki, qa­nun qəbul edən, dövlət hakimiyyətinin bir qolu olan par­la­mentin diqqətini hansısa bir kiçik məsələyə yönəldirik. Azər­baycanda 45 ali məktəb və onlarca kafedra var. Hansısa ali məktəbdə bir kafedra müdirinin işdən azad edilməsi mə­s­ə­ləsinə baxmaq parlamentinmi vəzifəsidir? Biz indi hansısa bir universitetin, yaxud akademiyanın elmi şurasının baxdığı məsələyəmi baxacağıq? Olmazmı ki, biz deputat kimi ilk növbədə öz vəzifələrimizə, parlamentin mahiyyəti məsə­lə­sinə dərindən yanaşaq? Bu, birinci dəfə deyil. Artıq dəfələrlə parlamentin iclasında parlamentin səlahiyyətinə aid olmayan məsələlər qaldırılmağa çalışılır. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.

Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Əvvəla, mən qar­şıdan gələn 17 noyabr Milli Dirçəliş günü münasibətilə, cənab Sədr, Sizi və bütün millət vəkillərini təbrik eləyirəm. Bizim deputat həmkarımız hörmətli Şəmsəddin müəllim Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. Mən Şəmsəddin müəllimi də təbrik edirəm.

Yeri gəlmişkən, qeyd eləmək istərdim ki, bizim dövlət­çilik ənənələrimiz hələ güclü deyil. Amma vaxtilə mərhum Prezidentimiz Heydər Əliyev də bu ənənələrdən istifadə eləyib. Mən düşünürəm ki, biz bu dövlət mükafatları, orden və medallarla təltif olunmanın xüsusi qaydaları haqqında da qanun qəbul eləməliyik. Əgər bu cür orden və medalların verilməsi ilə bağlı sərəncam imzalayan şəxs o orden və medalları şəxsən təqdim eləyərsə, təltif olunanlar üçün bu orden və medalların dəyəri ikiqat artmış olar və bu, həm də cənab Prezidenti insanlarla daha da yaxınlaşdırmış olar.

Müzakirə olunan məsələyə gəldikdə mən Aydın Mirzəza­dənin o təklifinə qoşuluram ki, əsas fikirlər deyilib, biz bu qanun layihəsini bu gün ikinci və üçüncü oxunuşda qəbul elə­yə bilərik. Biz bunu edək ki, qanun yaz sessiyasında qüv­vəyə minsin. Bu qanunu gözləyən insanlar var, o cümlədən də mərhum Prezident Elçibəyin həyat yoldaşı.

Mən keçən dəfə 11-ci maddə ilə bağlı öz fikrimi bildir­dim. 11-ci maddədə qeyd olunur ki, keçmiş Prezident prezi­dent­liyi dövründə və ondan əvvəlki dövrdə etdiyi cinayətlərə görə cinayət məsuliyyətindən azad olunur. Amma o, prezi­dentlik səlahiyyətlərini başa vurduqdan sonra törətdiyi cina­yət­l­ərə görə yalnız Baş prokurorun razılığı ilə cinayət mə­suliy­yətinə cəlb oluna bilər. Ayaz Mütəllibov məhz prezidentlik səlahiyyətlərini başa vurduqdan, yəni martın 6-da istefa verdikdən sonra törətdiyi əməllərə görə ittiham olunur. Keçən dəfə dedim ki, biz bu qanunla Mütəllibovu hüquqi məsuliyyətdən azad edə bilmərik. Ona görə ki, onun haqqında Baş Prokurorluq tərəfindən cinayət işi qaldırılıb.

Baş Prokurorluqdan bir nəfər o gün televiziya kanal­ları­nın birində deyirdi ki, şəraitin dəyişilməsi ilə əlaqədar olaraq Mü­təllibovu cinayət məsuliyyətindən azad eləmək olar. Bu qə­tiyyən belə deyil. Bizim Cinayət Məcəlləsinin 74-cü mad­də­sində qeyd olunur ki, xüsusi təhlükə törətməyən cina­yət­lə­rə və az ağır cinayətlərə görə ittiham olunan şəxs şəraitin də­yiş­məsi ilə əlaqədar olaraq cinayət məsuliy­yətin­dən azad olu­na bilər. Mütəllibov ağır və xüsusilə ağır dövləti ci­na­yət­lər­də ittiham olunur. Ona görə də onu nə şəraitin dəyişməsi, nə də cinayət məsuliyyətinə cəlb etmə müddəti­nin keçməsi ilə əlaqədar olaraq məsuliyyətdən azad eləmək olar. Bu ba­xım­dan biz bu hüquqi məsələyə mütləq aydınlıq gətirmə­li­yik.

Onu da unutmaq olmaz ki, Mütəllibov partiya sədridir, onun iddiaları var, ona 17 ildə sığınacaq verən ölkə var. Qarşıdan Prezident seçkiləri gəlir. Tutaq ki, heç onun özü istəmədi, Rusiyadan dedilər ki, bizim marağımızdadır ki, sən öz namizədliyini irəli sürəsən. Bu halda necə olacaq? Bizim Konstitusiyaya görə, son 10 ildə Azərbaycan Respubli­kası­nın ərazisində yaşamayan şəxs Prezident seçkilərində öz namizədliyini irəli sürə bilməz. Bu hüquqi məsələ necə həll olunacaq? Biz Mütəllibova bəraət veririksə, belə çıxır ki, o, məcburi olaraq ölkəni tərk edib, dövlət tərəfindən əsassız təqib olunub və Konstitusiyanın həmin müddəası ona şamil oluna bilməz. Mən istərdim ki, bu kimi hüquqi məsələlərə aydınlıq gətirilsin. Sabah Mütəllibov qayıdıb gəldi Azərbaycana və bizim prokurorluq da dedi ki, bəli, onun cinayət törətməsi təsdiq olunmur və onu məsuliyyətdən azad elədi. Sonra o, namizədliyini vermək istəyəndə beynəlxalq skandal yaşanacaq, deyəcəklər, bu adam eks-prezident kimi tanınır, amma ona namizədliyini irəli sürməyə imkan verilmir. Bu məsələlər hökmən həllini tapmalıdır ki, sabah belə hüquqi problemlər ortaya çıxmasın.

Mən təklif edirəm, layihəni bu gün həm də üçüncü oxunuşda səsə qoyaq ki, yazda bu qanunu qəbul eləyə bilək.

Sədrlik edən. Yazda bu qanunu qəbul eləmək üçün gərək ikinci, üçüncü oxunuşu bir yerdə keçirək. Belə bir təklif də oldu. Bunun üzərində fikirləşərik. Jalə Əliyeva, buyurun.

J.Əliyeva. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hör­mət­li həmkarlarım! Bu gün ikinci oxunuşda müzakirə etmək­də olduğumuz Azərbaycan Respublikası Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Res­publi­kasının Konstitusiya qanunu, heç şübhəsiz ki, humanist bir addımdır və Azərbaycanın dövlət quruculuğu prosesində müs­bət bir inkişaf olmaqla bərabər, eyni zamanda, yeni bir ya­naşma və yeni bir ənənənin başlanğıcıdır. Bu qanun Azər­bay­canda sivil bir cəmiyyətin və təbii ki, demokratik bir döv­lətin bərqərar olduğunun yeni bir göstəricisidir. Bu qa­nu­nu bəlkə də sülh qanunu kimi dəyərləndirmək yerinə düşər. Ölkə­daxili münasi­bətlərin qurulması və tənzimlənməsi ba­xı­mın­dan bu qanun, təbii ki, böyük bir əhəmiyyət daşıyır və bir­mənalı olaraq qəbul edilməlidir. Mən, təbii ki, bu qanuna səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə dəvət edirəm.

Lakin mənim toxunmaq istədiyim digər bir məqam da var. Biz bu gün, hörmətli həmkarlarım, burada tarix yarat­mırıq, tarix yazmırıq. Tarix artıq yazılıb və heç bir çıxış, heç bir odlu münasibət tarixi həqiqətləri dəyişdirə bilməz. Tarixi həqiqət isə bundan ibarətdir ki, bu ölkəni quran, yaradan, ayaqları üzərində möhkəm dayana bilməsi üçün var qüvvəsini sərf edən, bu ölkəni parçalanmaqdan, yox olmaq­dan xilas edən, vətəndaş qarşıdurmasına birdəfəlik olaraq son verən müdrik bir rəhbər olub və bu, milli lider Heydər Əli­yev­dir. Əslində, onun haqqında keçmiş zamanda da­nış­maq yanlışdır, çünki Heydər Əliyev olub, var və hər zaman olacaq. Buna görə də Heydər Əliyevə keçmiş Prezident statusunun şamil edilməsi, nəzərimcə, bir o qədər də uğurlu görünmür. Çünki bir daha qeyd edirəm, özünün də dediyi kimi, Heydər Əliyev Azərbaycanda əbədidir.

Zaman-zaman Milli Məclisdə həmkarlarım tərəfindən də bu məsələ ilə bağlı təkliflər irəli sürülüb. Hörmətli həmkarlarım Rəbiyyət Aslanova, Mübariz Qurbanlı, Fəzail Ağamalı, Azay Quliyev, Zahid Oruc və o cümlədən mən ulu öndər haqqında ayrıca bir qanunun hazırlanması və qəbul edilməsi təklifi ilə həm Milli Məclisdə, həm də mətbuatda, mediada çıxış etmişik. Düşünürəm ki, ulu öndər haqqında ayrıca bir qanunun olması artıq tarixi bir zərurətdir.

Biz bu gün əgər bu qanunu müzakirə ediriksə, qəbul etməliyik ki, biz onu ölkə Prezidenti cənab İlham Əliyevin iradəsi və ən əsası humanistliyi sayəsində müzakirə edirik. Gəlin biz də öz humanistliyimizi göstərək və bir millət vəkili olaraq xalqın adından çıxış etmək hüququmuzdan istifadə edərək bu qanunun qəbul edilməsinə səy göstərək.

Mən təklif edirəm ki, bu məsələ ətrafında ictimai müzakirələr aparılsın. Təbii ki, hər bir Azərbaycan vətəndaşı bu qanuna birmənalı olaraq tərəfdar olacaq və bu qanunu dəstəkləyəcəkdir. Başqa cür ola da bilməz. Çünki xalqın gözü tərəzidir. Xalq ulu öndər Heydər Əliyevə artıq öz qiymətini verib və onu özünə milli lider seçib. Təbii ki, milli lider irsinin, şəxsiyyətinin, şərəf və ləyaqətinin bütün za­man­larda, bütün dövrlərdə qorunması hər bir azərbay­can­­nın, eyni zamanda, biz millət vəkillərinin üzərinə düşən bö­yük bir borc, məsuliyyətdir. Mən təklif edirəm ki, Milli Məc­lis­də bununla bağlı bir işçi qrupu yaradılsın və önümüz­­ki sessiyada, yaz sessiyası dövründə bu məsələ mü­za­ki­­yə çıxarılsın. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin

birinci müavini Z.Əsgərov sədrlik edir

 

Sədrlik edən. Sağ olun. Fazil Mustafa.

F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət və­kil­ləri! Mən ötən dəfə üzrlü səbəbdən bu qanunun mü­za­ki­rəsində iştirak etmədiyimə görə konkret maddələrlə bağlı fikirlərimi səsləndirəcəyəm. Amma bundan əvvəl mən bir-iki məsələyə toxunmaq istəyirəm. Ümumiyyətlə, burada bu cür qanunlar müzakirə olunanda biz qanunun bəzən müsbət tərəflərindən daha çox bəlli bəhanələri, fikirləri ortaya atmaqla onun dəyərini aşağı salmış oluruq.

Məlumdur ki, Ayaz Mütəllibov da, Əbülfəz Elçibəy də dünyagörüşcə, fikircə indiki hakimiyyətə zidd mövqedə, mü­xalifətdə olublar. Amma bu gün keçmiş Prezidenti möv­qeyinin bu hakimiyyətin mövqeyi ilə üst-üstə düşməməyinə görə Konstitusiya ilə nəzərdə tutulmuş hüququnun həyata keçirilməsindən məhrum eləmək olmaz axı. O baxımdan bu qanun Azərbaycanda, həqiqətən, mədəni inkişafın başlanğı­cını göstərən, hamını birləşdirən bir qanundur. Bu qanun Azərbaycan üçün ona görə vacibdir ki, gələcəkdə biz bu kimi məsələlərdə artıq hüquqi müstəvini özümüz üçün müəyyən eləyək və bundan sonrakı prezidentlər də, bundan sonrakı dövlət adamları da artıq bu məsələlərin ölkədə hüquqla tənzimləndiyini qəbul etmiş olsunlar. Bu baxımdan da, məncə, bu, müsbət bir addım, Azərbaycanın siyasi həyatında tarixi bir hadisədir.

Burada tez-tez deyilir ki, filan məsələyə görə filankəs üzr istəsin. Mənim deputat həmkarlarıma böyük hörmətim var. Dağlıq Qarabağı biz uzun illərdir itirmişik. Onda bütün dövlət rəhbərliyi, Milli Məclisin deputatları hər səhər duran­da Azərbaycan xalqından üzr istəməlidir ki, biz torpağı qaytara bilmirik? Elə şərtlər, elə məsələlər var ki, onu bir bəhanə kimi ortaya qoymaq yanlış olar.

Mən bu qanunu müsbət qiymətləndirir və burada bir sıra müəyyən düzəlişlər edilməsi şərtilə onun ikinci və üçüncü oxunuşda eyni vaxtda müzakirə olunmasını təklif edirəm. Çünki yazda artıq bunun qəbul olunması vacibdir.

Mən fürsətdən istifadə edib bayaq İqbal müəllimin qaldırdığı məsələyə hörmətli həmkarım Aydın müəllimin reak­si­yasına da münasibətimi bildirmək istəyirəm. Bilir­si­niz, bəzi məsələləri çox kiçik görmək lazım deyil. Elə bu­gün­kü müzakirə də onu göstərdi ki, ziyalılara münasibətdə artıq dövlətin yeni siyasətinin müəyyən olunmasına ehtiyac var. Yəni kimsə tənqid edirsə, dərhal dövlətçiliyə qarşı çıxan adam kimi qiymətləndirilməməlidir. Biz də burada tənqid edirik. Biz dövlətçiliyə qarşıyıq? Elə məsələlər var ki, onları dilə gətirənlərə dərhal “siz ziyalı deyilsiniz” damğasını vur­maq olmaz. Necə demək olar ki, Rafiq Əliyev, ya Rüs­təm İbrahimbəyov, yaxud Cəmil Həsənli ziyalı deyil? Mövqeyini qəbul eləməmək olar, tənqid eləmək olar. Mən buna normal yanaşıram. Hamının fikirləri üst-üstə düşməz ki? Doğrudur, ziyalı forumunda ziyalı olmayan müəyyən adamlar da var və mən onların Azərbaycan ziyalıları adından söz deməyini qəbul eləmirəm. Amma elə insanlar var ki, onları bu qədər aşağılamaq yanlışdır.

Alimin kafedra müdiri vəzifəsindən çıxarılması heç də adi mə­sələ deyil. Bu gün bizim deputat həmkarlarımız arasında da ayrı-ayrı universitetlərdə kafedra müdiri olanlar var. Sa­bah bu növbə onlara da çata bilər. Söhbət məhsul­darlıq­dan ge­dir. Əgər sən qabiliyyətlə elmi iş ortaya qoyursansa, elmi nə­ticələrin varsa, gedib 8 saat kafedrada oturub çay iç­mə­yi­nin nə mənası var? Öz işini bacarıqla aparan dünya şöhrətli bir alimi əmək intizamını pozduğuna görə işdən çıxarmaq, məncə, yanlış bir addımdır. Bu yanlışın düzəldil­mə­si ona görə vacibdir ki, heç olmasa, məsxərəyə qoyul­mayaq.

Hüquqda iki yanaşma var – hüquqa uyğun davranış, hüquqa zidd davranış. İkisinin də əsaslandırılması var. Amma Azərbaycanda bir də üçüncü kateqoriya davranış var, “əcəb eləyirəm” davranışı, yəni çıxartmışıq, əcəb eləmişik.

Biz, ümumiyyətlə, ziyalıların, xüsusilə dünya arenasına çı­xan adamların dəyərini bilməliyik. Yüzlərlə müğənnimiz var, dünyada Alim Qasımovun adı çəkiləndə fəxr edirik. Tə­səv­vür edin, Azərbaycan Prezidenti Avropada, Amerikada bir elm mühitində görüşdə iştirak edir. Onda iki-üç Avropa, Ame­rika aliminin adı ilə yanaşı bir azərbaycanlı alimin də adı çəkiləndə Prezident fəxr etməyəcəkmi? Edəcək. Rüstəm İb­rahimbəyovun adı çəkiləndə fəxr etməyəcəkmi, edəcək. Dünya arenasına çıxan, dünyanın ingilis dilli, alman dilli yük­sək indeksli jurnallarında məqalələri dərc olunan ta­nın­mış alimlərimizin, ziyalılarımızın bu formada aşağılan­ma­sı­nı mən yanlış hesab edirəm. Bu, bumeranq kimi hamının üzərinə dönə bilər. Ona görə bu ənənənin, tendensiyanın dayandırılması vacibdir.

Qaldı qanunla bağlı, mən təklif edirəm ki, qanunun adı Kons­titusiyaya uyğunlaşdırılsın. Konstitusiyanın 108-ci mad­dəsinin II bəndinə uyğun yazılarsa, qanunun adı belə ol­ma­lıdır: “Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçil­miş şəxsin və onun ailə üzvlərinin təminatı haqqında Kons­titusiya Qanunu”. Sonra mətndə “keçmiş Prezident” söz­lərinin verilməsi mümkündür. Məncə, qanunun adının Kons­titusiyaya uyğun dəyişdirilməsi vacibdir.

“Azərbaycan Respublikası Konstitusiyasının 107-ci mad­də­sinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti və­zifəsindən kənarlaşdırılmış şəxs” sözləri qanunun müəy­yən maddələrində üç dəfə təkrar olunur. Məncə, 2.2-ci mad­də­də dəyişiklik yaratmaqla sonrakı 3.6-cı və 10.5-ci mad­də­lə­ri çıxarmaq olar. Burada yazıla bilər: “Azərbaycan Res­pub­li­kası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azər­baycan Respublikasının Prezidenti vəzifəsindən kə­nar­laş­­dırılmış şəxsə və onun ailə üzvlərinə bu Konstitusiya Qa­nu­nu şamil edilmir”. Bu aydın olandan sonra pensiya, mü­ha­fi­zə və sair məsələlərə dair maddələrə daha heç bir ehtiyac qalmır.

Mən hesab edirəm ki, 11.4-cü maddədə verilən “tutula bi­lər” termini bir az hüquqi termin kimi qəbul oluna bilməz. Bu­rada, məncə, yazılmalıdır: “qanunvericiliyə uyğun qay­da­da saxlanıla bilər”.

Layihədə, məncə, əlavə maddələrə ehtiyac var. Bu nə ilə bağ­lıdır? Rusiyada olan prosesləri, yəqin ki, izləyirsiniz, bir Prezi­dent bir müddət Baş nazir oldu, təzədən Prezident oldu. Bu, ümumiyyətlə, siyasətdə mümkün olan va­riant­lar­dır. Ona görə təklif edirəm, layihəyə belə bir müddəa əlavə olunsun ki, əvvəllər respublika Prezidenti seçilmiş şəxs sə­lahiy­yət müddəti başa çatdıqdan sonra, müəyyən fasilələrdən sonra yenidən Azərbaycan Respublikasının Prezidenti seçi­lər­sə, Prezident vəzifəsini icra etdiyi dövrdə bu qanunun müd­dəaları ona şamil olunmur. Bu maddə mütləq nəzərə alınmalıdır.

İkinci, əvvəllər respublika Prezidenti seçilmiş şəxs səlahiy­yət müddəti başa çatdıqdan sonra rəsmi dövlət orqan­larında çalışarsa, əmək haqqı əvvəllər Prezident seçilmiş şəxsin təminatı üçün nəzərdə tutulmuş məbləğ miqdarında və ya ondan artıq məbləğdə olarsa, məncə, bu qanunun müddəaları ona şamil edilməməlidir. Məsələn, kimsə Prezi­dent seçilib, sabah Baş nazir qoyulur, bunun vəzifə maaşı elə Prezident üçün verilən maaşdan artıq ola bilər. Bunu nəzərə almaq lazımdır.

Bir də, buradan “ögey uşaqlar” məsələsinin, məncə, çıxarılması doğru olar, çünki bunun həddən artıq yayğın göstərilməsi doğru deyil. Qüvvədə olan Azərbaycan Nikah Məcəl­ləsinin müvafiq maddələri var və “ögey uşaq” məsələsinin bu formada ona şamil edilməsi ciddi problemlər yarada bilər, bunun subyektləri çoxala bilər.

Mən bu qanun layihəsinə səs verəcəyəm və deputat həm­kar­larımı da ona səs verməyə çağırıram. Sonda mən də Prezident tərəfindən yüksək mükafata layiq görüldüyünə görə deputat həmkarım Şəmsəddin müəllimi təbrik edir və həmkarlarıma uğurlar arzulayıram. Sağ olun.

Sədrlik edən. Sağ olun. Bir məsələni deyim, Fazil müəllim. Bizim Konstitusiyanın “Azadlıq hüququ” adlı 28-ci maddəsində tutulma, həbsəalma, azadlıqdan məhrumetmə və saxlama ayrı-ayrı prosessual hərəkətlərdir. Bizim Cinayət Prosessual Məcəlləsində də bu terminlər işlənir. İlyas İs­mayılov.

İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hər şey­dən əvvəl qeyd etmək istəyirəm ki, layihə çox yaxşı tərtib olunub, asan oxunur, anlayışlar az olduğundan birmənalı başa düşülür. Ümumiyyətlə, bir maddə digərindən doğur, sistem xarakteri daşıyır.

Hörmətli Əli müəllim layihəni həm birinci, həm də ikinci oxunuşda çox yaxşı təqdim etdi və hörmətli Vahid müəl­li­min sualına cənab spikerin cavabından sonra mən belə düşün­düm ki, böyük müzakirəyə ehtiyac olmaz. Lakin emosional xarakterli, siyasi xarakterli çoxlu çıxışlar oldu. Mütəllibova açıqca, Elçibəyə üstüörtülü hücumlar oldu.

Mən hesab edirəm ki, hüquq emosiya sevmir, hüquq fakt­lara söykənir və faktlara məntiq əsasında sağlam düşüncə ilə qiymət verməyi tələb edir. Fakt isə bundan ibarətdir ki, həm Mü­təllibov, həm də Elçibəy Azərbaycan Respublikasının Prezi­denti olublar, ölkə daxilində, beynəlxalq mü­na­si­bət­lərdə müstəqil Azərbaycan Respubli­kasını təmsil ediblər. Əgər belə olmasa idi, biz bu il Azərbaycanın 20 illiyini yox, 18 illiyini qeyd etmiş olardıq. Bu, faktdır və bundan çıxış etmək lazımdır. Onlar Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq Prezident vəzifəsindən gediblər ki, bu da layi­hənin 1.1.3-cü bəndinə tamamilə uyğundur. 107-ci maddə onlara şamil oluna bilməz.

Burada Mütəllibovla əlaqədar çox emosional çıxışlar oldu. Bəziləri onu cinayətkar adlandırdılar, haqqında cinayət işlərinin qaldırıldığını dedilər. Bəziləri təklif elədilər ki, qoy əvvəlcə Prezident onu əfv eləsin, sonra biz bu işə baxaq. Bilirsiniz, əzizlərim, axı Prezident ancaq haqqında qanuni qüvvəyə minmiş hökm olan məhkumları əfv eləyə bilər, haqqında cinayət işi qaldırılmış insanları əfv edə bilməz. Bu bir. İkinci, Konstitusiyamızın 63-cü maddəsini yadımızdan çıxarırıq. Təqsirsizlik prezumpsiyası. Yəni insanın haqqında qanuni qüvvəyə minmiş hökm yoxdursa, o, təqsirsiz hesab olunur. Bir də, sirr deyil ki, Mütəllibovun haqqında olan cinayət işləri hansı emosional şəraitdə qaldırılıb. Mən hesab edirəm ki, bu problem aradan qaldırılmalıdır.

Qaldı layihənin konkret maddələri ilə, konkret təkliflərlə əlaqədar olaraq mən Fazil müəllimin qeydlərini tam dəstək­lə­yirəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.

G.Əhmədova. Təşəkkür edirəm, Ziyafət müəllim. İca­zə­niz­lə, mən ilkin olaraq bəlkə də ilk baxışdan bu qanun la­yi­hə­sinə heç bir dəxli olmayan bir məsələni qabartmaq is­tər­dim. Bir daha qeyd edirəm ki, ilk baxışdan, çünki əslində, bu gün Azərbaycanın gənc nəsli ilə bağlı atılan hər bir addım Azərbaycanın gələcəyi, bundan sonrakı onilliklərdə inkişafı üçün çox önəmlidir. Maddə 1.3-də “o cümlədən övladlığa gö­­­türül­müş uşağı və ya ögey uşağı” sözləri var. Fazil müəllim təklif elədi ki, buradan “ögey uşağı” sözlərini çıxaraq. Mən təklif etmək istəyirəm ki, buraya “himayə­darlığa götürülmüş uşaqlar” sözlərini əlavə edək.

Qısa bir arayış kimi demək istəyirəm ki, parlamentdə uzun illər biz, bir neçə millət vəkili internat məktəbləri ilə bağlı qanunun keçirilməsinə çalışdıq. Amma heç bir vəchlə buna nail ola bilmədik. Yalnız cənab Prezident İlham Əliyevin fərmanı ilə bu gün Azərbaycanda bu və ya digər səbəb üzündən valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı çox böyük bir proqram həyata keçirilir və bu uşaqların internatdan ailələrə verilməsi prosesi gedir.

Bir daha qeyd etmək istəyirəm ki, bəlkə də ilk baxışdan bu çox kiçik bir məqamdır, amma əslində, Azərbaycanın sabahı, gələcəkdə kriminal durumu və Azərbaycanda insanların cəmiyyət daxilində qarşılıqlı münasibətlərinin hansı formada inkişafı üçün çox vacib bir məqamdır. Ona görə də çox xahiş edərdim ki, bu məqam nəzərə alınsın.

İkinci məsələ olaraq qeyd etmək istəyirəm ki, əslində, mənim üçün bu qanun layihəsi gözlənilən idi. Çünki sonuncu Prezident seçkilərində cənab Prezidentin dediyi çox məşhur bir ifadə var idi. Cənab Prezident dedi, “mən çalı­şacağam ki, hər bir azərbaycanlının Prezidenti olum”. Bununla cəmiyyətə bir mesaj göndərildi. Qeyd olundu ki, Azərbaycanda uzun illər iqtidar-müxalifət savaşı, kin və ədavətin aradan götürülməsi üçün çox gözəl bir zəmin yaradılıb. Daha sonra türk və Azərbaycan diasporlarının qurultayında cənab Prezidentin etdiyi çıxış təkcə Azərbay­can Respublikasında deyil, dünyada yaşayan bütün azərbay­can­lılarla bağlı verdiyi bir mesaj idi. Bu gün bizim müzaki­rəmizə verilmiş bu qanun layihəsi, məncə, bu istiqamətdə aparılan işin gözəl bir davamıdır.

Mən çox böyük əminliklə gözləyirəm ki, bundan sonra Azərbaycanda ictimai mühitin sağlamlaşdırılması, müxtəlif əqidədə olan insanların bir-birinə qarşı dözümlü və tolerant münasibəti üçün daha yeni addımlar atılacaq. O baxımdan hörmətli həmkarım Qüdrət Həsənquliyevin dediyi fikirləri nəzərə almaqla cənab Sədrdən xahiş etmək istəyirəm. Cənab Sədr, burada bir neçə millət vəkili artıq bu fikri səsləndirdi. Mən çox istərdim ki, Siz bu təklifi ciddi qəbul edəsiniz. Çünki doğrudan da, Azərbaycanda bu gün ictimai-siyasi münasibətlərdə birmənalı şəkildə insanların bir-birinə qardaş və dost münasibətində olması çox vacib bir məqamdır. Bu hər bir ailəyə sirayət edən məsələdir. Mümkündürsə, bizim prosedurlarımız buna icazə verirsə, biz bu gün bu qanunun həm ikinci, həm də üçüncü oxunuşunu keçirək. Mən güman etmirəm ki, biz vaxtı uzatmaqla nələrəsə nail oluruq. Əksinə, bu, parlament tərəfindən atılmış çox müsbət addım olardı. Bir daha Sizdən xahiş etmək istəyirəm ki, bizim təklif­ləri­mi­zə diqqət edəsiniz və mümkündürsə, buna öz münasibətinizi bildirəsiniz. Təşəkkür edirəm.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Çox sağ olun. Mən sizin təkliflərə həmişə ciddi yanaşmışam. Hesab edirəm ki, prosedur qaydalar irəli sürdüyünüz təklifin qəbul edilməsinə yol verir. Zahid Oruc.

Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli mil­lət vəkilləri! Bu qanun layihəsi ilə bağlı parlamentdaxili ümu­mi mənzərə hər kəsə bəllidir, ona təkrar qayıtmaq is­tə­mi­rəm. Çünki fikirlər müəyyən mənada siyasi xarakter da­şı­ya­caqdır. Baxmayaraq ki, qanunun mahiyyətində siyasi ele­ment­lər də kifayət qədər böyükdür, məsələnin təkcə hüquqa söy­kənmədiyi də hər kəsə aydındır. Hətta bu qanunun gə­rək­li­yini sübut edərkən həmrəylikdən, siyasi mədəniyyət nü­ma­yi­şin­dən danışanlar özləri də fərqində deyillər ki, məhz si­ya­si arqumentlərdən çıxış edirlər. Əlbəttə, onlara cavab ver­mək üçün yetərincə əks fikirlər var. Yetər ki, günümüzdə İs­ra­il prezidentinin hansısa bir qalmaqal zəminində cinayət mə­suliyyətinə cəlb olunmasını fakt kimi ortalığa qoyaq. Bu ha­disədən sonra İsrail cəmiyyəti bir-birinə dəyib, parçalanıb, ya siyasi mədəniyyət aşağılanıb, həmrəylik mühiti pozulub? Si­yasi mədəniyyətdən danışanlar onun fərqində deyillər ki, biz indiyə qədər də siyasi münasibətlərdə, ictimai hə­ya­tı­mız­da bu mədəniyyəti nümayiş etdirmişik. Hətta burada mənim alə­mimdə ən qorxulu fikir ondan ibarət idi ki, o dövrün ha­di­sə­lərinə siz qiymət verməyin, o dövrdə cinayət işi sırf emosi­onal mühitdə qaldırılıb və sair. Yəni o dövrün hadisə­ləri­nin təftişi başlandı. Bu qorxuludur.

Mən hörmətli Qüdrət bəyin fikrini davam etdirib demək istəyirəm ki, bu qanundan sonra Mütəllibovun məcburi siyasi mühacirətdə olan şəxs kimi tam hüququ var ki, bu həyatı, bu sığınacaq mühitini yaşadığı üçün Azərbaycan dövlətinə qarşı iddia qaldırsın və təzminat almaq üçün bu qanundan faydalansın. Bu qorxuludur.

Burada deyirdilər ki, guya hakimiyyət məhz özünün siyasi opponentlərinə bu qanunun şamil olunub-olunmaması kimi bir dilemma qarşısındadır. Tamamilə yanlışdır. Mütəllibov hətta bu hadisələr zəminində ölkəyə dönməsəydi və gedib ulu öndərin cisminin uyuduğu Fəxri Xiyabanda əhd etməsəydi belə, onun ulu öndərə münasibətindən asılı olmayaraq Azərbaycan xalqına münasibətinin yaxşı olması yetərli idi ki, bu gün bu polemikalar olmayaydı.

İkinci mühüm bir məqamı səsləndirmək istəyirəm. Hörmətli dostlar, heç bir adam burada sizin mövqeyinizin üzərinə gəlmədi. Heç kim indi nədən belə mövqe nümayiş etdirirsiniz deyə münasibət sərgiləmir. Ancaq siz də bizim üzərimizə belə gəlməyin. Bizim bu mövqeyimiz, bu müqavimət münasibətimiz elə parlament rəhbərliyinə, dövlət rəhbərliyinə gərəklidir ki, həm də Mütəllibova, digərlərinə göstərsin ki, parlamentin iradəsinə müəyyən mənada təsir edib, bəzən də sözün yaxşı mənasında öz həmkarlarına, onunla bir siyasi xətdə dayananlara bir az da təzyiq edib bu qanunu qəbul elətdirib. Bu, Mütəllibov üçün də bir görkdür. Niyə biz bu haldan, bu məqamdan imtina etmək istəyirik?

Mən təəssüf edirəm ki, bu qanunun əleyhinə bir daha səs verəcəyəm. Xahiş edirəm, bu mövqeyimi süngü ilə qarşılamayın. Min dəfə təəssüf edirəm ki, bu qanun ulu öndərlə digər insanları eyniləşdirir. Həm də mən burada olanların böyük əksəriyyətinin ona ruhən bağlılığını nəzərə alıb deyirəm ki, bəlkə də biz başqa mövqe göstərə bilərdik. Bu mümkün deyilsə, heç olmasa, Heydər Əliyev haqqında ayrı bir qanun qəbul edilməlidir.

Cənab Sədr, mən burada səsləndirilən bir kənar fikrə də mü­nasibətimi bildirmək istərdim. Azərbaycan dövlətinə mü­nasibət bir şəxsin işdən çıxarılması üzərində qurula bilməz. Məsələn, Rafiq Əliyevin özünə ideal saydığı Lütfizadəni bu ölkə ən böyük bir şəxsiyyət kimi qəbul etdi. Nədən bir Rafiq Əli­yevin cəbhəsinə sığınıb hakimiyyətə ən müxtəlif hü­cum­lar sərgiləyənlər o dövrdə Lütfizadəni bu qədər yüksək qi­y­mət­ləndirdiyinə görə Azərbaycan dövlətinin ünvanına xoş söz­lər demirdilər? On minlərlə ziyalı orden və medallarla təl­tif olunur, deyirlər, bu, ələ almaqdır, saray ziyalısı ya­rat­maq­dır. Ev verilir, sosial imtiyazlar verilir, yaradıcılığına bö­yük qiymət verilir, bunu da sayırlar ki, hakimiyyətin hə­min qüvvələri öz tərəfdarına çevirməsidir. Bəs dünyada zi­ya­lıya hansı qayğı göstərilir ki, Azərbaycan dövləti onu gös­tərməyibdir? Ona görə mən hesab edirəm ki, istənilən bir mə­sələdə cəbhə açıb hakimiyyətə hücumlar təşkil etmək gə­rək deyil. Bəlkə də Rafiq Əliyevə onun beynəlxalq miq­yas­da tanınmasına müqabil daha dözümlü münasibət ola bilərdi. Bu aydın məsələdir. Amma doğrudanmı, Rafiq Əliyevi bu adam­lar bu qədər çox istəyirmişlər? Mən buna şübhə edirəm.

Mən Fazil bəyə çox hörmətlə yanaşıram. Ancaq bu gün­lər­də mən bolşeviklərlə eyni cəbhədə olduqlarını nümayiş etdirən qüvvələrə heyrət edirəm. Vaxtilə çar II Nikolayın hakimiyyətdən getməsi naminə hətta böyük müharibəni uduzmaqdan belə çəkinməyən bolşeviklər kimi bu qüvvələr də Azərbaycan dövlətinə qarşı sanksiya tətbiq olunsun deyə, beynəlxalq təşkilatları qınadılar. Mən hörmətli Fazil bəyə, hörmətli İqbal bəyə sual verirəm, bu mövqeyə nə ad ve­rirlər? Nə deyirlər, udacaqlarmı həmin qüvvələr? Doğ­ru­dan da, belə bir sual meydana çıxır: birdən Azərbaycan dövləti Qarabağı qaytarmaq üçün ikinci savaşı başladı, elə qüvvələr olacaqmı, bu savaşda ölkənin məğlubiyyətini istəsin ki, birdən qələbə olsa, onillər boyu bu hakimiyyətin mövqeyini möhkəmləndirər? Budur məsələ. Əlbəttə, parlamentdə is­tə­ni­­lən məsələyə dair siyasi polemika açmaq olar. Amma in­san­ları müdafiə edərkən də, dövlətin üzərinə gedərkən də prin­siplərdə stabil olmaq lazımdır. Bu dövlət yüz minlərlə Azər­baycan insanını ayaqda saxlamaq üçün böyük bir kurs sərgiləyir. Bunu qiymətləndirib kiməsə münasibət də bil­dir­mək olar. Mən bu sənədin min dəfə təəssüflənərək əleyhinə səs verəcəyəm. Sağ olun.

Sədrlik edən. Çox təəssüflənmə, amma bir məsələni də bu qədər təkrarlamaq lazım deyil. Aydın Mirzəzadə sözünü dedi. Həqiqətən, bir nəfər Rafiq Əliyev, ya digəri haqqında Milli Məclisdə belə debatlar aparmaqla biz insanları üzə çıxarıb qəhrəman edirik. Bir dəfə deyildi, kifayətdir. Hamı eyni şeyi təkrar etməsin. Biz indi Konstitusiya qanunu qəbul edirik. 4 nəfər yazılıb. Təkid edən yoxdur? Rafael Cəbrayılov.

R.Cəbrayılov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör­mətli Məclis üzvləri! Bu layihəni bizim komitə tövsiyə edib. Bu layihənin bizim komitədə gərgin müzakirələri get­di. Qanunun subyekti ilə bağlı mübahisələr daha kəskin idi. Azərbaycan Respublikasının müstəqilliyinin ilk iki ilində xalqın məruz qaldığı məhrumiyyətlər, çətinliklər hamıya məlumdur. Ona görə də həmkarlarımın keçmiş prezidentlər Ayaz Mütəllibov və mərhum Əbülfəz Elçibəylə bağlı na­rahat­çılıqlarını mən anlayıram.

Bu layihə müzakirə olunanda mənim özümün də çox radikal təkliflərim var idi. Məsələn, mən təklif edirdim ki, əgər keçmiş Prezident Azərbaycan Respublikasının vətən­daşlığından imtina etsə və yaxud Azərbaycan dövlətinin və xalqının mənafelərinə xəyanət etsə, onu bu hüquqdan məh­rum etmək lazımdır. Məsələn, təsəvvür edin ki, eks-prezi­dent Qarabağa müstəqillik verilməsi ilə bağlı bəyanatlar verir. Mən belə hallarda onun bu hüquqdan məhrum edil­məsini təklif edirdim. Bundan başqa, onun tutulması, faktiki və qanuni nikahdan doğulan uşaqları ilə də bağlı mənim radikal təkliflərim var idi. Amma bizim komitə belə bir layi­həni plenar iclasa təklif edəndə Azərbaycanda barış cəmiy­yətinin yaradılması istiqamətində bütün süni əngəllərin aradan qaldırılması, çox böyük hüquqi, siyasi alicənablıq nümayiş etdirilməsi, keçmişin ağır artilleriya atəşinə tutul­maması mövqeyindən çıxış etdi.

Bu baxımdan mən düşünürəm ki, layihə ikinci, üçüncü oxunuşların tələblərinə cavab verir. Nəzərə alsaq ki, hər bir qanun tətbiq prosesində təkmilləşir, cilalanır və Azərbaycan qanunvericiliyində indiyədək belə bir qanun olmayıb, hesab etmək olar ki, bu, məqbul bir layihədir.

Bəzi həmkarlarımın keçmiş Prezidentin faktiki və qanuni ni­kah­dan doğulan uşaqları ilə bağlı söylədiyi fikirlərə gəlincə, bu məsələləri Ailə Məcəlləsi və mülki qanun­vericilik tənzimləyir. Ona görə düşünürəm ki, o məsələlərin bura daxil edilməsi düzgün olmazdı.

Burada belə bir fikir də səsləndi ki, Mütəllibov Azərbay­candan məcburi şəkildə mühacirət etdiyinə görə bu qanunun müddəalarından istifadə edərək kompensasiya tələb edə bilər. Amma mən belə düşünmürəm. Bu qanunda elə bir müddəa yoxdur ki, ona bu imkanı versin. Çünki bu, kons­titusion qanundur, subyektin vəziyyətini yüngülləşdirən qa­nun­dur. Onun geriyə şamil olunmasını nəzərə alaraq proku­rorluq Mütəllibov haqqında başladığı cinayət işinin icraatına xitam verəcək. Amma bu, heç də o demək deyil ki, onun haq­qında cinayət işi qanunsuz olaraq qaldırılmışdı. O ci­nayət işinə bu qanunun tələblərinə görə xitam veriləcək. Ona görə də bu qanunun müddəalarından istifadə edərək sub­yektin nəyəsə nail olması, düşünürəm ki, hüquqi baxım­dan mümkün deyil.

Hörmətli Sədr, bizim komitə bu layihənin üzərində işçi qrupu ilə birlikdə çox işləyib. Burada elə böyük hüquqi iradlar da səslənmədi. Ona görə mən təklif edirəm ki, bu layihəni üçüncü oxunuş üçün də səsə qoyaq. Nəzərə alaq ki, 6 aydan sonra biz bunu yenə səsə qoymalıyıq, çünki bu, Konstitusiya qanunudur. Bu baxımdan qanunun qəbulu prosesinin müddətini bir az da qısaltmaq üçün düşünürəm ki, bunu üçüncü oxunuş üçün də səsə qoysaq, düzgün olar. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən baxıram, çıxış etməyə yazılan həmkarlarımız elə Hü­quq komitəsinin üzvləridir ki, onlar da artıq çıxış ediblər. Bu gün müzakirə olunacaq məsələlərimiz də çoxdur. Məndən inciməzlərsə, mən də istəyirəm, səsvermə keçirək.

Birinci növbədə onu demək istəyirəm ki, bu, Konstitusiya qanunudur, ikinci oxunuşdur. Ona görə bunu maddə-maddə səsə qoymalıyıq. Qanun 12 maddədən ibarətdir. 6 maddə–6 maddə səsə qoyaq. Ondan sonra üçüncü oxunuşa baxarıq. Etiraz yoxdur? Xahiş edirəm, 1–6-cı maddələrə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.54 dəq.)

Lehinə 109

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 110

Nəticə: Qəbul edildi

 

Çox sağ olun. 7–12-ci maddələrə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.54 dəq.)

Lehinə 107

Əleyhinə 2

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 109

Nəticə: Qəbul edildi

 

Çox sağ olun. Nəhayət, ikinci oxunuşda qanun layihəsini bütövlükdə səsə qoyuruq.

 

Səsvermənin nəticələri (saat 12.55 dəq.)

Lehinə 105

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 106

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Hörmətli millət vəkilləri təklif etdilər ki, prosedur qay­daları imkan verirsə, üçüncü oxunuşu da keçirək. Prosedur qaydaları buna imkan verir. Üçüncü oxunuşdan 6 ay sonra qanun layihəsi Milli Məclisə bir daha gələcək və bu qanun yalnız cənab Prezidentin imzasından sonra qüvvəyə minə­cək. Xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda mü­na­si­bət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.56 dəq.)

Lehinə 110

Əleyhinə 1

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 112

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qanun layihəsi qəbul edildi.

Gündəliyin ikinci məsələsi. Naxçıvan Muxtar Respubli­kasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında (ikinci səsvermə). Buyursun Əli Hüseynli.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Bildi­yi­niz kimi, 6 ay bundan öncə Naxçıvan Muxtar Respubli­ka­sının Konstitusiyasında dəyişikliklərlə bağlı parlamentdə mü­zakirə getmişdi. Bu dəyişikliklər Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları ilə bağlı idi. Bizdə indi inzibati-iqtisadi məhkəmələr mövcuddur. Ona görə Naxçı­van Muxtar Respublikasının Konstitusiyasından “İqtisad Məh­kəməsi” sözləri çıxarıldı. Naxçıvan Muxtar Respubli­kası Ali Məhkəməsi hakimlərinin təyinatı proseduru yeni qanunvericiliyə uyğun olaraq tənzimləndi. Göstərildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin cənab Prezidentə verilmiş təklifi və Prezidentin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur. Belə bir prosedur qayda “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğundur.

Altı ay öncə Konstitusiya qanunu parlamentdə müzakirə olundu, üç oxunuşda qəbul edildi. İndi isə biz Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında bu dəyişiklikləri təsdiq etməkdən ötrü, sadəcə, yenidən səsvermə keçirməli­yik. Ona görə hörmətli həmkarlarımdan xahiş edirəm ki, bunun Konstitusiya qanunu olduğunu nəzərə alaraq səsver­mədə diqqətli olsunlar. Çox sağ olun, cənab Sədr.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.58 dəq.)

Lehinə 110

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 110

Nəticə: Qəbul edildi

 

Çox sağ olun. Konstitusiya Qanunu ikinci səsvermədə qəbul edildi.

Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasport­la­ra malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun Səməd Seyidov.

S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.

Çox sağ olun, cənab Sədr. Bu layihə komitəmizdə bir­mə­nalı dəstəklənib. Son zamanlar Azərbaycan Respubli­ka­sının xa­rici siyasətində çox vacib müsbət dəyişikliklərin şahidi olu­ruq. Avropa ölkələri ilə münasibətlərdə faktiki olaraq vi­za məsələləri aradan qaldırılır. Düzdür, bu hələ birinci mə­r­hə­lədir. Yəni hələlik bəzi ölkələrlə bu barədə sazişlər bağ­­lanır və diplomatik pasportları, xidməti pasportları olan şəxs­­lər üçün viza tələbi ləğv edilir. Ancaq bu saat Azərbay­can Respublikası ilə Avropa Birliyi arasında bu istiqamətdə danışıqlar gedir və mən əminəm ki, biz bu sahədə də böyük tərəqqiyə nail olacağıq.

Polşa Respublikası ilə belə bir sazişin təsdiq edilməsi çox va­cibdir. Bu gün Polşa Avropanın ən önəmli ölkələrindən bi­rinə çevrilib. Təsadüfi deyil ki, bu saat məhz Polşa Avropa Bir­liyində sədrlik edir. Bu gün Avropanın bütün siyasətçiləri Pol­şada yığışır. Avropa Birliyi hər hansı bir qanun la­yih­ə­sini, məsələni Polşasız müzakirə edib qəbul edə bilmir.

Bir məsələni də nəzərə almaq lazımdır. Bu yaxınlarda Azərbaycan parlamenti “AVRONEST” Parlament As­sam­­ble­yasında özünün nümayəndə heyətini formalaşdırıb və bu sa­at biz Avropa Birliyi ilə münasibətləri yeni müstəvidə qu­ru­ruq. “AVRONEST” Parlament Assambleyasında Polşanı təm­sil edən deputatlar böyük fəallıq nümayiş etdirirlər. Ona gö­rə bu saat Polşa Respublikasının Hökuməti ilə belə bir sa­zi­şin imzalanması və təsdiq edilməsi bizim üçün həddindən ar­tıq vacib və əhəmiyyətlidir.

Bir anlıq təsəvvür edin. Fransa Respublikası ilə, İtaliya ilə, Avstriya ilə bu cür sazişlərimiz var. Əminəm ki, bu gün de­putatlar Polşa ilə sazişi də təsdiq edəcəklər. Nəticədə biz bü­tün Avropa ölkələri ilə belə sazişlər bağlayaraq in­ki­şa­fı­mı­za problemlər yaradan viza məsələlərini həll etmiş ola­ca­ğıq. Mən əminəm ki, vaxt gələcək, viza məsələsi tamamilə ara­dan qaldırılacaq və Avropa ölkələri ilə münasibətlərimiz da­ha da yüksək səviyyədə təşkil olunacaq. Ancaq bu mərhələdə bu qanun layihəsinin qəbul olunması məqsədə­müvafiq­dir. Ona görə də komitəmiz bu layihənin yekdilliklə qəbul olunmasının tərəfdarıdır. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Elə “AVRONEST”in fəaliy­yətinin əsas istiqamətlərindən biri də viza rejimlərinin sa­də­ləş­dirilməsidir. Fərəc Quliyev.

F.Quliyev. Çox hörmətli Oqtay müəllim, təşəkkür edirəm ki, söz verdiniz. Mən, təbii ki, həm də “AVRONEST”də Azərbaycan nümayəndə heyətinin üzvü kimi bu məsələlərə dəstək verirəm. Polşa bizim yaxın müttəfiqimizdir. Biz son yığıncaqların birində onların nümayəndəsinə ciddi irad tutduq ki, Polşa–Azərbaycan münasibətlərinə uyğun ol­ma­yan davranış nümayiş etdirirsiniz. Yəni mən tamamilə bu qa­nun layihəsinin tərəfindəyəm.

Çox qısa bir təkliflə çıxış eləmək istəyirəm. Biz bir fikri burada bir neçə dəfə səsləndirmişik. Məncə, Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tamamən aradan qal­dırıl­masının zamanıdır. Son zəlzələdən sonra cənab Pre­zi­dentin Türkiyəyə xüsusi jestləri, qardaş ölkəyə iki dəfə yardım göstərilməsi, bizim Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının elə həmin gün oraya köməyə getməsi bir daha sübut elədi ki, biz Türkiyə ilə sözdə qardaş deyilik, həm də strateji tərəfdaşıq. Hesab edirəm, növbədənkənar bir iclasda Türkiyədəki PKK-ya qarşı mübarizə ilə bağlı qapalı bir müzakirə aparılmalıdır. Azərbaycan–Türkiyə asayişi birgə təmin qüvvələri yaradıb artıq bu prosesin üstünə getmək lazımdır. Azərbaycanın, demək olar ki, belə bir təcrübəsi var. Hərbçilərimiz NATO tərkibində Əfqanıstanda və başqa yerlərdə Türkiyə ilə bir yerdə çalışıblar və gələcəkdə Qarabağda da terrorçuların aradan qaldırılmasında bu qüvvələr işini görə bilər.

Yeri gəlmişkən, təklif eləmək istəyirəm ki, qapalı iclasl­a­­rın birində qonşu İran ölkəsində baş verən məsələləri də müzakirə edək. Biz burada təkcə qanunlar qəbul eləməklə kifayətlənməməli, həm də ölkənin taleyüklü məsələlərini müzakirə eləməliyik. Mən təklif edirəm ki, yaxın zaman­larda bu iki məsələ ilə bağlı növbədənkənar iclas çağırılsın. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Fərəc müəllim, ancaq Türkiyə ilə vizanın ləğvi bir jest məsələsi deyil, texniki məsələlərlə bağlıdır. Dövlət başçılarının görüşündə bu açıqlandı, deyildi. Bunun üzərində iş gedir. Vaxtı gələndə bu məsələ həll olunacaq.

PKK barəsində qapalı iclas keçirməyə də ehtiyac yoxdur. Dəfələrlə hamınızın iştirakı ilə keçirilən görüşlərdə Azər­bay­canın dövlət başçısı PKK məsələsində həmişə Türki­yə­nin yanında olduğumuzu söyləmişdir. Mən Türkiyədə rəsmi səfərdə olanda parlament sədri ilə söhbətlərimiz oldu. PKK-nın terror təşkilatı kimi tanınmasının parlament ölçüsündə hələ mövcud bir forması yoxdur. Olsaydı, biz də onu qəbul edərdik. Bunun üçün qapalı iclas keçirtmək lazım deyil. Baş­qa çıxış eləyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 13.04 dəq.)

Lehinə 106

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 106

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, çox sağ olun.

Hörmətli millət vəkilləri, 4-cü, 5-ci, 6-cı, 7-ci məsələlər, demək olar ki, eyni xarakterli texniki dəyişikliklərdir. Əgər etiraz etmirsinizsə, Ziyafət müəllim bu qanun layihələrini birlikdə təqdim eləsin, sonra ayrı-ayrı səsə qoyub qəbul edərik. Etiraz yoxdur? Buyurun, Ziyafət müəllim.

Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri.

Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkil­ləri, bildiyiniz kimi, yaz sessiyasında biz Cinayət Məcəl­lə­sinə müvafiq dəyişikliklər elədik və azadlığın məhdudlaş­dırıl­ması cəza növü kimi Cinayət Məcəlləsindən çıxarıldı. Bizə təqdim olunmuş qanun layihələrində söhbət elə bunun­la bağlı redaktə xarakterli dəyişikliklərdən gedir. Yəni mü­va­fiq qanunlardan “azadlığın məhdudlaşdırılması” sözləri çı­xa­rı­lır. Bu həmin qanunların Cinayət Məcəlləsinə uyğunlaş­dırılması baxımından edilir. Ona görə xahiş edirəm, bu də­yi­şik­­liklərə səs verəsiniz. Sağ olun.

Sədrlik edən. Sağ olun. Fazil Mustafa.

F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu dəyişikliklərlə razıyam və onlarla bağlı heç bir iradım yox­dur. Amma bir məsələ ilə bağlı istərdim münasibətimi bil­dirim. Qanun real ictimai münasibətləri tənzimləmələdir. Ona görə mən düşünürəm ki, bir məsələyə də artıq mü­nasibət bildirməyin vaxtı çatıbdır. Məncə, ailənin tək uşa­ğının hərbi xidmətə çağırılması məsələsini müzakirəyə çı­xart­­maq lazımdır.

Ötən günlərdə Azərbaycan generallarından biri, hörmətli Lənkəran Əliyevin qardaşı oğlu döyüş bölgəsində şəhid oldu. Generalın bununla bağlı bir açıqlaması vardı ki, o bizim nəslin son nümayəndəsi, ailənin tək uşağı idi. Yəni artıq o nəsli davam etdirəcək kimsə qalmadı. Bu çox ciddi bir mesaj idi. İndi ailə üzvünü xüsusilə də döyüş bölgəsində itirmiş insanlar bu duyğunu daha yaxşı anlaya bilərlər. O baxımdan ailənin tək uşaqları ilə bağlı müddəalarda ciddi düzəlişlər etmək lazımdır. Təsəvvür edin ki, bir ailədən tək oğul gedir hərbi xidmətə, yaşayış səviyyəsi o qədər də yaxşı olmayan ana, ata qalır pis vəziyyətdə. Bu məsələdə bir ədalət anlayışı artıq müzakirəyə çıxarılmalıdır. Belə ailənin tək uşağını hərbi xidmətə çağırmaq nə dərəcədə doğrudur? O baxımdan hesab edirəm ki, bunun bir daha müzakirə olunması lazımdır. Mən bu tək uşaqların sayını, onlarla bağlı statistikanı bilmirəm. Bilmədiyimə görə yanlışa yol verə bilərəm. Doğrudanmı, bunları hərbi xidmətə cəlb etmək bu qədər əhəmiyyətlidir? Axı ailənin tək oğlu itiriləndə ailə üçün böyük bir faciəyə çevrilir. Bunu hər kəs anlaya bilər. O baxımdan mən bu məsələnin də müzakirə olunmasını təklif edirəm. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Elmira Axundova.

E.Axundova. Çox sağ olun, cənab Sədr. Çox maraqlıdır ki, elə mən də həmin təkliflə çıxış eləmək istəyirdim. Fazil müəllim artıq bu barədə danışdı.

SSRİ zamanında müddətli həqiqi hərbi xidmətə çağırış ilə bağlı çox humanist bir müddəa var idi. Əgər ailədə bir övlad var idisə və o, oğlan idisə həmin uşağı hərbi xidmətə apar­mır­dılar. Tək oğul övladını böyüdən çoxlu sayda analar mə­nə və digər deputatlara müraciət edir, suallar verir, xahiş edirlər ki, həmin müddəa bərpa edilsin. Mən deyərdim ki, bu müddəa övladını təkbaşına böyüdən tənha anaların oğul­lar­ı­na daha çox şamil olunmalıdır. Bu cür tənha ananı müəyyən müd­dət də olsa, köməksiz qoymağın düzgün olmadığını he­sab edirəm. Azərbaycanda müddətli hərbi xidmətdə olanlar ara­sında itkilərin hələ də yüksək səviyyədə olduğu nəzərə alı­nar­sa, ehtimal var ki, bu ana övladına bir daha qo­vuş­mas­ın.

Ziyafət müəllim, Sizə bir sualım var. Bu məsələyə, yəni tək oğullu ailələrin oğullarının hərbi xidmətdən azad olun­ma­sı məsələsinə Sizin komitədə, ümumiyyətlə, baxılıbmı, ba­xılacaqmı? Bu məsələ gündəmdə varmı, ya yox? Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Cavanşir Feyziyev.

C.Feyziyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həm­kar­larım, “Azərbaycan Respublikasında hərbi xidmətə çağı­rışın əsasları haqqında” Qanuna təklif olunan dəyişikliklər, əslində, çox böyük müzakirə tələb etmir. Mən bu dəyişikliyə səs verəcəyəm və bütün həmkarlarımı da bu layihələrə səs verməyə çağırıram. Amma bir halda ki hərbi xidmətə çağırış­la bağlı məsələ müzakirə olunur, mən bu gün gün­dəmdə olan və tez-tez ictimai müzakirələrə səbəb olan bir mə­sələyə də münasibət bildirmək istərdim. Bu, ali təhsilin ikin­ci pilləsinə keçid zamanı magistrlərin təhsillərini yarım­çıq qoyaraq hərbi xidmətə göndərilməsi ilə bağlı olan mə­sələ­dir.

Hazırda qüvvədə olan mövcud prosedur təhsil prosesinin ən vacib şərtlərindən olan təhsilin davamlılığı prinsipi ilə ziddiyyət təşkil edir. Ali təhsilin bakalavr pilləsində təhsil alanlara, eləcə də fəlsəfə doktoru elmi adı alanlara möhlət hüququ verildiyi halda qeyd olunan iki təhsil pilləsi arasında yerləşən magistratura tələbələrinə eyni hüququn şamil edilməməsi gənclərin elmi fəaliyyətə və yaradıcılığa isti­qa­mət­­­lən­dirilməsi baxımından səmərəli görünmür.

Heç təsadüfi deyil ki, son illər ali təhsil və elmi tədqiqat müəssisələrində çalışanların çox hissəsini qadınlar təşkil edir. Əlbəttə, bu özlüyündə müsbət haldır. Lakin hamıya mə­lum olduğu kimi, elm sahəsində çalışmaq istəyən qadın­ların mü­əy­yən qismi, bəlkə də əksəriyyəti obyektiv səbəb­lərdən elmi fəaliyyətlə məşğul ola bilmir və bu hal onların elmi fəaliy­yətinin istənilən qədər səmərəli olmasına təminat vermir.

Belə olan halda yüksək nailiyyətlər əldə etmək potensialı olan gənclərin elmi fəaliyyətə olan marağını stimullaşdırmaq üçün hərbi çağırışdan möhlət hüququnun magistratura tələ­bə­­lərinə də aid edilməsi Azərbaycan elminin inkişafına xid­mət etmiş olardı.

Bildiyimiz kimi, hazırda qanunvericiliklə hərbi xidmətə çağırılmanın son yaş həddi 35 yaş müəyyən edilmişdir. Ali təhsilini fasiləsiz olaraq davam etdirən şəxsin artıq 23–24 yaşlarında magistraturanı başa vurması nəzərə alınarsa, hərbi xidmətdə olmaq üçün hələ qarşıda daha 12 il vaxtının qal­ma­sı imkan verir ki, hər bir gənc qanunla ayrılmış vaxt çərçi­vəsində öz hərbi mükəlləfiyyət borcunu yerini yetirsin. Digər tərəfdən, ölkəmizdə hökm sürən əlverişli demoqrafik şərait ordunun tələbatını kifayət qədər ödəməyə imkan yara­dır. Magistr oğlanların sayı elə böyük bir rəqəm təşkil etmir ki, onlara möhlət verilməsi orduya çağırılanların kəmiyyət və key­fiy­yətinə ciddi təsir göstərə bilsin.

Bütün bunları nəzərə alaraq “Azərbaycan Respubli­ka­sında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Res­publikası Qanununun təhsilin davam etdirilməsinə görə möhlət verilməsini nəzərdə tutan 19-cu maddəsində 2006-cı il dekabrın 22-dək mövcud olmuş müvafiq bəndin bərpa edil­məsini və magistratura tələbələrinə də hərbi xidmətə çağırış­dan möhlət verilməsini təklif etmək istərdim. Diq­qəti­nizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Ziyafət müəllim, suallara cavab verin.

Z.Əsgərov. Çox sağ olun, cənab Sədr. Hörmətli de­pu­tat­lar, əvvəla, nəzərə çatdırmaq istəyirəm ki, biz burada redaktə xarakterli məsələni müzakirə edirik. Yəni artıq qeyd elədim ki, Cinayət Məcəlləsindən azadlığın məhdudlaşdırılması cəzasını çıxarmışıq və bu qanunları da ona uyğunlaşdırırıq.

Burada qaldırılan məsələlərə gəlincə, onu deyə bilərəm ki, bu məsələlərlə yanaşı, indi üzərində iş gedən bir sıra baş­qa məsələlər də var. Müdafiə Nazirliyinin, Prezident Admi­nis­trasiyasının mütəxəssisləri, bizim komitənin üzvləri və müvafiq şöbələrimiz bu işlə məşğuldurlar. Sözsüz ki, gələcəkdə bütün bu məsələlər burada kompleks şəkildə mü­za­kirəyə çıxarılacaq.

Sədrlik edən. Sağ olun. Yazılanlardan təkid eləyən yoxdur? Ceyhun Osmanlı.

C.Osmanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli mil­lət vəkilləri! Əlbəttə ki, bu dəyişikliyə münasibətimiz müs­bətdir. Əslində, mənim deyəcəyim fikirlərin böyük əksəriy­yətini çox hörmətli millət vəkili Cavanşir Feyziyev qaldırdı və əsaslandırdı. Bilirsiniz ki, bu təklif tez-tez gündəmə gəlir. Çoxları üçün aydın deyil ki, gənclərin hərbi xidmətə gedib qayıtdıqdan sonra magistr təhsilini davam etdirməsi ilə magistr təhsilini bitirib hərbi xidmətə getməsi arasında prinsipial fərq nədən ibarətdir.

Sual oluna bilər ki, bəs vətəndaşlar üçün bunun prinsipial fərqi nədir. İş ondadır ki, cənab Sədr, bakalavr təhsili alan bir gəncin bakalavr təhsili ala-ala həm də bir il ərzində magis­traturaya, xüsusilə xarici universitetlərin magistratu­rasına qəbul olunmaq üçün hazırlaşması ağır zəhmət tələb etsə də, o, bir il ərzində hazırlaşır və bakalavr təhsilini başa vuran kimi dərhal xarici universitetin magistraturasına qəbul olunur. Lakin bilirik ki, bir il müddətində hərbi xidmətdə olduğu zaman gəncin xaricdə magistr təhsili almaq üçün hazırlaşmaq imkanı yoxdur.

Bəzən belə sadə görünən fərq, əslində, gənclərin ən azı bir ilinin, bəzi hallarda isə 2 ilinin itirilməsinə səbəb olur. Sırf bu səbəbdən həmin gənclərə ikinci möhlət hüququnun verilməsini, magistr təhsilini başa vurandan sonra hərbi xidmətə çağırılmasını təklif edir və gələcəkdə bu məsələnin gündəmə gətirilməsini xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Məncə, Ziyafət müəllim tam izahat verdi ki, bu məsələlər üzərində iş gedir, onlara baxılır. İndi isə dəyişiklikdən söhbət gedir. Xahiş edirəm, bu məsə­lə­yə diqqət edin. Yazılanlar arasında təkid eləyənlər var? Qüdrət Həsənquliyev.

Q.Həsənquliyev. Oqtay müəllim, çox sağ olun. Mən niyə bu məsələ ilə bağlı mütləq öz fikrimi bildirmək qənaətinə gəl­dim. Bu, əlbəttə, həssas məsələdir və Milli Məclisdə mü­zakirə olunan belə məsələlər istər-istəməz ictimaiyyətin də müzakirəsinə çıxır. İctimaiyyət də belə təklifləri, təbii ki, çox yaxşı qəbul edir. İnsanlar düşünürlər ki, nəslin davam­çısı bir nəfərdirsə, onu hərbi xidmətə çağırmamaq da olar. Amma biz məsələnin o biri tərəfi haqqında da danışmalıyıq axı. İndi ailə planlaşdırılır. Bütün ailələrdə bir oğlandır, bir qız. Bəs ordunu nə ilə komplektləşdirək? Əksər ailələrdə cəmi iki uşaq var. Onda belə çıxır ki, gələcəkdə gərək yalnız muzdlulardan ibarət bir ordu quraq. Bəzən bu təklifləri ve­rən­də məsələnin o biri tərəfinə də baxmaq lazımdır. Yoxsa ictimai fikri yönəldirik. Sonra da başqa qərar qəbul eləyəndə belə qənaətə gəlinir ki, bu Milli Məclisdə oturanlar həssas insanlar deyillər, yaxud bu cür həssas məsələləri nəzərə al­maq səviyyəsində deyillər. Ona görə mən bu məsələyə müt­ləq öz münasibətimi bildir­mək istədim.

Bir də, magistrlərlə bağlı məsələ barədə bizim hörmətli Şəm­səddin müəllim artıq mətbuata açıqlama verib. O tək­lif­lər artıq Elm haqqında qanun layihəsinə salınıb və mən ümid edirəm ki, Milli Məclisdə müzakirə zamanı biz onu qəbul edə­cəyik. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Bu yaxınlarda xarici işlər naziri müavininin açıqlamasını, yəqin ki, eşitdiniz. 3 milyon əha­li­si olan Ermənistanın və 9 milyon əhalisi olan Azərbaycanın or­du­larında şəxsi heyətin say tərkibi təxminən bərabərdir. Ona görə hesab edirəm, hərbi xidmətlə bağlı tələsik fikirlər söyləmək düzgün deyil. Bu iş üzərində bir normal fikir­ləş­mək lazımdır. Xahiş edirəm, qanun layihələrinə münasibət bildirək. Gündəliyin 4-cü məsələsi.

 

Səsvermənin nəticələri (saat 13.18 dəq.)

Lehinə 101

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 1

İştirak edir 102

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Gündəliyin 5-ci məsələsi.

 

Səsvermənin nəticələri (saat 13.19 dəq.)

Lehinə  90

Əleyhinə 0

Bitərəf  0

Səs vermədi 0

İştirak edir 90

Nəticə: Qəbul edildi

 

Çox sağ olun. Gündəliyin 6-cı məsələsi.

 

Səsvermənin nəticələri (saat 13.19 dəq.)

Lehinə  99

Əleyhinə 0

Bitərəf 0

Səs vermədi 0

İştirak edir 99

Nəticə: Qəbul edildi

 

Çox sağ olun. Nəhayət, gündəliyin 7-ci məsələsi.

 

Səsvermənin nəticələri (saat 13.20 dəq.)

Lehinə 98

Əleyhinə 0

Bitərəf  0

Səs vermədi 0

İştirak edir 98

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyurun, Çingiz Əsədullayev.

Ç. Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.

Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Dəyi­şikliyə əsasən, qanunun 3.1.2-ci maddəsinin ləğv edilməsi təklif olunur. Dəyişiklik Cinayət Məcəlləsindən azadlığın məhdudlaşdırılması cəza növünün çıxarılması ilə bağlıdır. Məsələ bizim komitədə müzakirə edilib və yekdilliklə qəbul olunub. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 13.21 dəq.)

Lehinə  98

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  98

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ “Elektroenergetika haqqında” Qanuna, on­dan sonrakı 10-cu məsələ isə “Qaz təchizatı haqqında” Qanuna dəyişiklik edilməsi barədədir. Əgər etiraz eləmir­sinizsə, Valeh Ələsgərov iki qanunu bir yerdə təqdim eləsin, səsverməni ayrı keçirərik.

V. Ələsgərov, Milli Məclis Səd­­ri­nin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya ko­mi­təsinin sədri.

Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar, xa­nım­lar və cənablar! Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin 2011-ci il 26 oktyabr tarixli, 1/722 saylı məktubu ilə Milli Məclisin mü­zakirəsinə “Elek­tro­ener­getika haqqında” Azərbaycan Res­publi­ka­sının Qanununda və “Qaz təchizatı haqqında” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edil­məsi barədə təklif daxil olub. Bu gün bu dəyişikliklər sizin mü­za­ki­rənizə çıxarılır.

Dəyişiklik nədən ibarətdir? “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 5-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilir: “Elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsil­məsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır”. Ya­dınızdadırsa, son illərdə bu qanunlara edilən əlavə və dəyi­şikliklər tərəflər arasındakı münasibətlərin daha sivil, daha hüquqi yolla tənzimlənməsinə yönəlmişdi. Yeni təklif olu­nan dəyişiklik də görülən işlərin davamıdır.

Eyni dəyişiklik “Qaz təchizatı haqqında” Qanuna da təklif olunur. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddə­sinin 7-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əla­və edilir: “Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hal­larda yazılı bildiriş göndərilmədən qazın verilməsinin da­yan­dırılması qadağandır”. Əminəm ki, bu dəyişikliklər sizin müzakirənizdən sonra qəbul ediləcəkdir. Təşəkkür edirəm.

 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin

müavini  B. Muradova  sədrlik  edir

 

Sədrlik edən. Müzakirəyə başlayırıq. Fazil Mustafa.

F.Mustafa. Sağ olun. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri! Mən Valeh müəllimə təşəkkür eləmək is­tə­yirəm ki, bizim çoxdan arzuladığımız bir dəyişikliyi təqdim elədi. Həqiqətən də, bu, Azərbaycan cəmiyyətinin dəstək­lədiyi bir addımdır, çünki hər zaman istehlakçının üzərinə daha çox məsuliyyət qoyulurdu, amma bu xidməti göstə­rən­­lərin məsuliyyəti məsələsində bir dəqiqləşdirmə aparılmırdı. Bu, olduqca vacibdir.

Amma, Valeh müəllim, istərdim ki, gələcəkdə bundan da vacib olan bir məsələyə diqqət yetirilsin. Bu, təchizatın key­fiyyəti ilə bağlı məsələdir. Bu günlərdə Bakıda hava şəraiti­nin dəyişməsi göstərdi ki, burada vəziyyət heç də ürəkaçan deyil. Həmişə tərifləyirik ki, ölkədə qaz, elektrik təchizatı yüksək səviyyədədir. Ancaq bu heç də belə deyil. Havanın temperaturu azacıq aşağı düşən kimi, problemlər ortaya çıxır. Elektrik xətlərinin çoxu yerin altından keçir, artıq əvvəlki kimi bəhanələri yoxdur ki, desinlər, külək vurdu, dirəklər aşdı, elektrik xətləri qırıldı.

Bir şey olan kimi, müvafiq qurumlar bundan istifadə elə­yib elektrik verilməsini dayandırırlar. Qeyri-rəsmi mənbə­lərdən məlum olur ki, 3–5 saat elektrikin kəsilməsi müəyyən vəsaitin silinməsi məqsədi ilə edilir. Bu məsələnin qarşısını almaq üçün də müəyyən məsuliyyət barədə düşünmək lazımdır.

Qaz məsələsində də bir şeyə diqqət eləmək lazımdır. Biz­də xalq dilində deyildiyi kimi, “kupçası” olmayan evlərin böyük əksəriyyətinə qaz çəkilib. Yəni gecəqondu tipli evlərə belə, qaz çəkilib, sayğaclar qoyulub, onlardan müəyyən və­sait alınır. Çox maraqlıdır, şəhərin mərkəzində tikilən çox­mərtəbəli binalarda insanlar 5 ildir yaşayırlar, amma “bina təhvil verilməyib” deyə ora qaz verilmir. Bu nə məntiqdir? Yəni heç bir sənədi olmayan gecəqonduya qaz çəkilirsə, oradan vəsait alınırsa, təhvil verilməmiş binada bunu elə­məyə nə çətinlik var?

Orada yaşayan da vətəndaşdır. Vətəndaş 4–5 qışı soyuq evdə keçirməlidir, uşaqları xəstə olmalıdır ki, hələ bina təhvil verilməyib? Bu, binanı təhvil verənin məsuliyyətidir. Dövlətin binanı təhvil verənin üzərində hər hansı bir şəkildə təzyiq forması olsa, vətəndaş bunun çiləsini çəkməz. Bu məsələdə də bir dönüş yaratmaq lazımdır.

Rəsmi akt olmasa da, insanlar ora köçübsə və binada 5–10 nəfər yaşayırsa, təchizat məsələsi həll olunmalıdır. 10 il bu bina təhvil verilməyəcəksə, onda bəri başdan vətəndaşı ora buraxmasınlar, yaşayışına imkan verməsinlər. Bu çox ciddi sosial problemdir və bu problemin həlli istiqamətində Milli Məclis addım atmalıdır. İnanın ki, vətəndaşların böyük əksəriyyəti bu addımı gözləyir. Vətəndaş bu binada yaşamaq üçün elektrik xərclərinə 200–300 manat vəsait sərf edir. Artıq orada yaşamaq o qədər böyük kommunal çətinliklərə başa gəlir ki, bunun öhdəsindən sıravi vətəndaş gələ bilmir. Məncə, müəyyən addımların atılmasının zamanıdır. Diqqə­tinizə görə sağ olun. Qanun layihəsini dəstəkləyəcəyəm.

Sədrlik edən. Sağ olun, Fazil müəllim. Əli Məsimli.

Ə.Məsimli. Çox sağ olun, Bahar xanım. Valeh müəllim çox vacib bir dəyişikliyi təqdim elədi və kifayət qədər də iza­­hat verdi. Hesab edirəm ki, bu məsələ əhalinin su və qaz­la bağlı 100 milyonlarla ölçülən borclarının silinməsinin davamı kimi çox mühüm əhəmiyyət kəsb edir, istehlakçı­ların hüquq­larının müdafiəsi istiqamətində sanballı addım­dır.

Eyni zamanda, mən istehsalçı, təchizatçı və istehlakçı arasında bu qəbildən olan bir sıra mübahisəli məqamların da aradan qaldırılması üçün bir məsələni nəzərinizə çatdırmaq istərdim. Bəzən sayğac olsa da, sayğacdan qabaqkı dövr üçün yüz manatlarla, bəzən min manatlarla işıq pulu qəbzi təqdim olunur. Şübhəsiz ki, bu zaman problem yaranır, işıq kəsilir və xeyli dərəcədə ciddi narazılıqlar ortaya çıxır. Bir neçə ailə bura qoşulanda narazılığın həddi də artır. Hesab edirəm ki, xoşagəlməz bir hal alınır. Məhkəmə çəkişməsi dövründə, məhkəmə uzananda həmin insanlar işıqsız qalır­lar. Bu məsələni qanunvericilikdə elə tənzimləmək lazımdır ki, heç olmasa, həmin dövrdə işıq verilsin, məhkəmənin hər hansı bir qərar çıxarmasından sonra o məsələyə nöqtə qo­yulsun. Yəni o insanlar məhkəmə çəkişməsi dövründə işıq­sız qalmasınlar.

İkinci, hesab edirəm ki, Fazil müəllimin qaldırdığı məsələ çox aktualdır. Yeni evlərə həm qazın çəkilməsi, həm də say­ğacların qoyulması prosesini davam etdirmək lazımdır. Bu mübahisələrin köklü surətdə həll edilməsinin texniki tərəfini isə kartla işləyən sayğacların qoyulması dairəsinin geniş­lən­dirilməsində görürəm.

İcazə verirsinizsə, bir məqamı da qeyd eləmək istərdim. Azərbaycanda bu günlər də qazlaşma çox sürətlə gedir. Çox nadir ölkələrin adını çəkmək olar ki, qazlaşmanın faizi Azər­baycan səviyyəsində olsun. 2012–2013-cü illərdə nəzər­də tutulan tədbirlərin də həyata keçirilməsi nəticəsində qazlaş­ma 80–90 faizə gəlib çatacaq ki, bu, ekoloji baxımdan, me­şə­lərin qırılmasının qarşısının alınması nöqteyi-nəzərindən çox ciddi bir məsələdir.

Valeh müəllim, mən hər dəfə seçicilərlə görüşəndə onlar bir məsələni qaldırırlar. Hesab edirəm ki, onlar necə qəbul eləmirsə, mənim üçün də bu rəqəm qəbuledilməzdir. Şəkinin 69 kəndindən və 2 qəsəbəsindən yalnız 15 kənd və bir qəsə­bə – 22 faizi qazlaşdırılıb. Bu, Azərbaycanın orta göstərici­sindən xeyli dərəcədə aşağıdır. Qarşıdakı illərdə də bu pro­ses qrafikdən kənarlaşır. Bu məsələni sürətləndirmənin çox yaxşı bir üsulu var. Həmin 69 kəndin dördündə (Böyük Dəhnə, Kiçik Dəhnə, Baş Göynük, Aşağı Göynük) Şəki əha­lisinin 15 faizi – 30 minə qədər əhali yaşayır. Əgər həmin 4 kəndin qazlaşdırılması problemi həyata keçirilsə, onun ətrafında olan kəndlərin də qazlaşdırılması prosesi avtomatik olaraq həll olunacaq. Sizi inandırıram ki, həmin 22 faiz 70 faizə çatacaq. Yəni qısa müddət ərzində bunu 70 faizə çat­dır­mağın ən yaxşı üsulu adlarını çəkdiyim 4 kəndin qazlaş­dırılmasıdır.

Dəhnələrdən başlayaraq onlarca kəndin qazlaşdırılmasını həyata keçirmək olar. Aşağı Göynükdə texniki xarakterli təd­birlərin həyata keçirilməsi nəinki Şəkinin, Qaxın da kəndlərinin qazlaşdırılması üçün böyük bir şərait yaradacaq. Bu, diqqətə alınsa və Şəkinin kəndlərinin qazlaşdırılması məsələsinin qrafikdən kənarlaşması istiqamətində addımla­rın atılmasına kömək edilsə, mən minnətdar olaram. Təşək­kür edirəm.

Sədrlik edən. Sağ olun, Əli müəllim. Qüdrət Həsən­qu­liyev.

Q.Həsənquliyev. Sağ olun, Bahar xanım. Mən, adətən, Milli Məclisdə tənqidi çıxışlar eləyirəm. Amma istəyirəm, bu dəfə, doğrudan da, Azərbaycan hökumətinin fəaliyyətini təqdir eləyim.

Soyuqdan söhbət düşmüşkən, bilirsiniz ki, qardaş respub­likada, Türkiyənin Van bölgəsində güclü zəlzələ baş vermiş­dir. Bu zəlzələdən sonra Azərbaycan hökumətinin soydaş­larımıza ilk olaraq yardım göstərməsi, Fövqəladə Hallar Na­zirliyinin xilasedicilərinin peşəkarlığı və fədakarlığı qar­daş ölkədə Azərbaycana olan münasibəti müsbətə doğru xeyli dərəcədə dəyişmişdir. Bir neçə gün bundan öncə bölgəyə yeni bir yardım da göndərildi.

Amma bilirsiniz ki, Vanda yenə zəlzələ olub, qırxa qədər adam ölüb. Bu, hörmətli Eldar İbrahimovun təklifidir, mən onu, sadəcə, səsləndirirəm. Köhnə deputat həmkarımız hör­mətli Əli Abbasovun rəhbərlik etdiyi Rabitə və İnforma­siya Texnologiyaları Nazirliyi yardım kampaniyasına qoşulub və 20 min manat vəsait göndərib. Düzdür, dövlətimiz yardımı eləyib, amma, Bahar xanım, təklif edərdim ki, – yəqin ki, de­putat həmkarlarım da etiraz eləməzlər, – biz də maaşımız­dan 200 manat yardım edək. Bu, təqribən 25–30 min manat məbləğində vəsait eləyir və bu da bir yardımdır. Dövlət öz yerində, vətəndaş öz yerində. Bu məsələyə diqqətinizi çəkmək istədim. Xahiş edərdim ki, Milli Məclisin rəhbərliyi bu məsələni həll eləsin.

Deputat həmkarım Fazil Mustafanın təkliflərini dəstək­lə­yi­rəm və hesab edirəm ki, çox ədalətli olaraq bu məsələni qaldırdı. Bizdə, ümumiyyətlə, bu sahədə ciddi islahatlara ehtiyac var. Fazil bəy detallarını açıqlamadı, bir az üstüör­tülü dedi. Niyə təzə binalara qaz vermirlər? Bu, təhlükə­siz­liklə bağlı məsələ deyil. Vətəndaşları həmin sahibkara qarşı qaldırırlar ki, binanı təhvil versin. Sahibkar da vətəndaşa deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti binanın təhvili üçün məndən elə məbləğdə pul istəyir ki, mən onu vermək gücündə deyiləm. Ona görə 4–5 il həmin binaya qaz vermir­lər. Kimlərinsə rüşvət alması üçün vətəndaşlardan bu şəkildə istifadə olunması, hesab edirəm ki, tamamilə yolverilməzdir. Əgər o binada yaşamaq olmazsa, onda niyə insanların orada məskunlaşmasına icazə veririk? Mən vaxtilə də bu məsələni qaldırmışdım.

Bundan başqa, qaz təminatı ilə bağlı müqavilə imzalayıb­lar, noyabrın 15-dən konkret vaxt müəyyənləşdirilib. Xatır­layıram, şəxsən mən xarici səfərə gedirdim, noyabrın 1-də Bakıda qar var idi, temperatur 0 dərəcə idi. Bu müqavilə formaları elə hazırlanmalıdır ki, əgər istilik havanın soyuq­luğuna görə verilirsə, burada konkret tarix göstərmək doğru deyil. Müqavilədə göstərilməlidir ki, temperatur hansı dərə­cədən aşağı düşəndə, istilik sistemi işə salınır. Bu, kon­kret təqvimə bağlanır və nəticədə nə yaranır? Məlumdur ki, elektrik enerjisindən istifadədə onsuz da problemlər çoxdur. Elektrik enerjisindən əlavə olaraq evləri qızdırmaq üçün də istifadə eləyəndə problemlər ikiqat artır. Bakıya bir balaca qar yağdı, bir milyon insan elektriksiz qaldı. Bu məsələlərin üzərinə getmək lazımdır. Bu sahədə köklü islahatların aparılmasına ehtiyac var. Ona görə də bu dəyişikliklər sadə camaatın xeyrinədir.

Biz mətbuatdan oxuyuruq ki, Nardaran kəndində kimlərsə işıq pulunu vermir, ona görə bütün kəndin işığını kəsirlər. Belə şey ola bilməz axı? Mən işıq pulunu verirəmsə, niyə mənim işığım kəsilməlidir? Yaxud mən qaz pulunu verirəmsə, niyə mənim qazım kəsilməlidir? Ona görə də bu dəyişiklikləri mən alqışlayıram, amma hesab edirəm ki, biz, sadəcə, seyrçi mövqe tutmamalıyıq. Bakı şəhərində yüzlərcə yeni bina var, orada bir neçə ildir, əhali yaşayır. Bəziləri hətta 6–7 ildir ki, orada yaşayırlar, amma o binalara hələ də istilik enerjisi verilmir. Onlar da bizim vətəndaşlarımız, soydaşlarımızdır. Bu problem öz həllini tapmalıdır. Niyə həmin binalara elektrik enerjisi, su veririk? Onları da vermə­yək də. Onları ona görə veririk ki, insanlar köçsün, məs­kunlaşsın, sonra sahibkara təzyiq eləməyə başlasınlar və o da getsin, həmin o rüşvəti versin. Sağ olun.

Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Mən Sizin fi­kirlərinizin bir çoxuna o sahənin mütəxəssisi kimi Valeh müəllimin tutarlı, arqumentlə cavab verəcəyini düşünürəm.

Türkiyəyə yardımla əlaqədar danışdınız. Mən düşünürəm ki, Azərbaycan dövləti bu istiqamətdə etməli olduğu işi edir. Bu da elə bütün Azərbaycan vətəndaşları adına görülən işdir. Amma elə bir təklif varsa ki, Milli Məclis üzvləri də bu prosesə qoşulsunlar, mən burada hər hansı bir maneə gör­mürəm və bizdə bunun konkret mexanizmi var, ona uyğun şəkildə bunu həyata keçirə bilərik.

O ki qaldı hər hansı bir orqanın rüşvət almasına, mən məsələnin bu şəkildə Milli Məclisdə səsləndirilməsinin tə­rəf­darı deyiləm. Biz dəqiq bilmədiyimiz, yaxud da subyektiv fikirlərə söykənən məsələləri burada səsləndirməkdənsə, vətəndaşlarımızın maraqlarının qorunmasına xidmət edə bi­lən mexanizmlərin tapılmasına çalışmalıyıq.

Biz evlərin tikilməsi, onların qəbulu şərtləri ilə bağlı Milli Məclisdə müzakirələr aparmışıq, buna münasibət bildir­mi­şik. Düşünürəm ki, biz vətəndaşların məsuliyyətinə də diq­qət yetirməliyik. Vətəndaşlar da üzərilərinə düşən öhdə­likləri, vəzifələri yerinə yetirməlidirlər. Əlbəttə, mən bir kən­din işığının bütövlükdə kəsilməsinin tərəfdarı deyiləm, amma onun kəsilməməsi üçün vətəndaşlar da bir mövqe sərgiləməlidirlər. Necə olur ki, bu gün hər bir evdə neçə nə­fər varsa, o sayda mobil telefon var. Hər kəs mobil telefonu işlətməyə vəsait tapır, amma işığın, qazın pulunu ödəməyə tapmır və bunu da dövlətin üzərinə qoymaq istəyir. Düşü­nürəm ki, bu istiqamətdə də görəcəyimiz işlər var. Növbəti çıxış üçün Kamilə Əliyevaya söz verilir.

K.Əliyeva. Çox sağ olun. Hörmətli Bahar xanım, mən də bu qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm. Ancaq mən Valeh müəllimin fikrini bir məsələyə cəlb etmək istərdim. Bu qanunun 11-ci maddəsində qeyd olunur ki, elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsil­məsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik və isti­lik enerjisi verilməsinin dayandırılması qadağandır. Valeh müəllim, deputatı olduğum Zaqatala və Balakən rayonlarının İtitala, Kortala, Uzuntala və sair kəndlərində elektrik enerjisi verilişinin çox bərbad bir vəziyyətdə olduğunu qeyd etmək istərdim. Bu kəndlərin əhalisi nəinki elektrik enerjisinin verilməsindən əziyyət çəkirlər, həm də elektrik naqillərinin və elektrik dirəklərinin bərbad vəziyyəti ilə əlaqədar hər an bədbəxt hadisə ilə üzləşə bilərlər.

Balakən Rayon İcra Hakimiyyəti başçısının və eləcə də, mənim tərəfimdən “Azərenerji” Səhmdar Cəmiyyətinin Şəki Regional İdarəsinə dəfələrlə göndərilən rəsmi müraciətlərə baxmayaraq, bu günə qədər bu məsələ ilə əlaqədar heç bir tədbir görülməyib. “Azərenerji” Səhmdar Cəmiyyətinin Şəki Regional İdarəsinin bu cür səhlənkarlığı olan yerdə istehlak­çının hansı enerji təminatından söhbət gedə bilər? Bu cür hallarda baş verə biləcək bədbəxt hadisələr zamanı kimlər məsuliyyət daşıyacaqlar? Bu suallara cavab vermək lazım­dır. Ona görə də xahiş edərdim ki, bu cür məsələlər də qanunda öz əksini tapmış olsun. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun, Kamilə xanım. Təklif var ki, çı­xışlar kəsilsin.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Qənirə Paşayeva.

Q.Paşayeva. Çox sağ olun. Mənə elə gəlir, çıxışların kə­silməsini təklif etməkdənsə, sözlərimizi deməyimiz daha yax­şı olardı. Çünki müzakirə olunan mövzu bu gün insan­larımızı ən çox maraqlandıran məsələlərdən biridir. Həm də nəzərə alaq ki, qarşıdan qış fəsli gəlir və bu istiqamətdə problemlər də çoxalır.

Mən Valeh müəllimə təşəkkür etmək istəyirəm. Valeh müəllim, bu, istehlakçıların hüquqlarının qorunması ilə bağlı çox önəmli bir məsələdir. Mən inanmaq istəyirəm ki, isteh­lakçıların hüquqlarının qorunmasını özündə əks etdirən bu məsələ yüksək səviyyədə həyata keçiriləcək. Amma, Valeh müəllim, çox təəssüf ki, qaldırılan məsələlərin bir çoxu ünvanlı deyil. Çox yaxşı olardı ki, burada “Azərenerji”nin nümayəndələri oturardılar. Bu gün “Azərenerji”nin nüma­yən­dələri iclasda olsaydılar, bu sözləri dinləyərdilər.

Həmkarlarımın qaldırdığı problemlər var, mövcuddur. Biz həm vətəndaşların müraciətlərində, həm də yaşadığımız ərazilərdə bu problemlərin nə qədər dərində olduğunu gö­rürük. Söhbət ondan gedir ki, bu gün ölkəmizdə elektrik ener­jisi ilə təminat sahəsində böyük proqramlar həyata keçirilir, işlər görülür. Amma bir çox insanlar öz vəzifələrini layiqincə yerinə yetirmədiklərindən vətəndaşların bu isti­qa­mətdə problemləri yaranır. Əgər bir bölgədə, bir kənddə, bir binada kimsə elektrik enerjisinin pulunu ödəmirsə, digərlə­rinin də ona görə cəzalandırılması dünyada görünməyən bir məsələdir. Biz bunun qarşısını almalıyıq. Əgər kimsə pulu ödəyirsə, o, elektrik enerjisi ilə təmin olunmalıdır, başqala­rına görə məsuliyyət daşımamalıdır.

Amma söhbət təkcə ondan getmir. Söhbət o insanlardan gedir ki, onlar işıq pulunu ödəyirlər. Pulu ödəmələrinə bax­mayaraq, onlara heç bir xəbərdarlıq edilmədən 4–5 saat elek­trik enerjisi verilmir. Bu vətəndaşların da hüquqlarını ciddi şəkildə düşünməliyik.

Mən yaşadığım Abşeron rayonunu misal gətirmək istəyi­rəm. Təxminən 2 gündən bir vətəndaşlara heç bir xəbərda­r­lıq olmadan, – o vətəndaşın biri də mənəm, – elektrik ener­ji­si 2 saat, 3 saat, 4 saat verilmir. Şəxsən mən millət vəkili ola­raq “Azərenerji”yə bu məsələni demişəm, bölgənin rəh­bəri ilə də demək olar ki, iki gündən bir danışıram. Hələ mən onlardan bir ağıllı cavab almamışam. Soruşuram ki, nəyə görə vətəndaşa heç bir xəbərdarlıq etmədən kefiniz istə­yən­də günün istənilən saatlarında elektrik enerjisini kəsirsiniz? Hər dəfə absurd cavablar. Gah deyirlər, külək əsdi, xətlər yerlə birdir, gah da deyirlər ki, haradasa nə isə olub. Və­təndaşa xəbərdarlıq etmədən 4–5 saat enerji verilmir.

İnsanların körpə uşaqları var. Kimin pulu varsa, generator alır. Amma minlərcə insanın generator almağa imkanı yox­dur. Bu insanlar niyə elektriksiz qalmalıdırlar? Məhz bu hallara görə bu sahəyə cavabdeh şəxslərin məsuliyyət məsə­ləsi olmalıdır. Adamlar elektrikin pulunu ödəyirlərsə, nəyə görə 4–5 saat elektriksiz qalmalıdırlar? Mən şəxsən öz yaşa­dığım rayonu deyirəm. İki gündən bir bu proses təkrarlanır. Mən bunu bütün rəsmi qurumlara çatdırmışam. Çox təəssüf ki, burada “Azərenerji”nin rəsmiləri yoxdur. Onlar iclasda olsaydılar və suallarımıza cavab versəydilər, çox yaxşı olar­dı. Qarşıdan qış fəsli gəlir. Bu problemlərin dərinləşməməsi üçün onlar bu problemlərə dair fikirlərimizi dinləsəydilər, yaxşı olardı. Sağ olun.

Sədrlik edən. Təşəkkür edirik, Qənirə xanım. Mən düşü­nü­rəm ki, bu gün müzakirə etdiyimiz qanun layihələrində konkret məsələlər var, onlara münasibətimizi bildirməliyik. O ki qaldı əlaqədar qurumların bəzi suallara cavab ver­məsinə, diqqətinizə çatdırım ki, bir neçə gündən sonra biz büdcə zərfinə daxil olan qanunları müzakirə edəcəyik. Bütün hökumət üzvləri burada olacaq və imkanınız olacaq ki, onlara bu sualları verib cavab alasınız. Əgər yeni bir fikirlər varsa, biz müzakirəni davam etdirək?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Hamı təkid edir, onda siyahı ilə gedək. Astan Şahverdiyev.

A.Şahverdiyev. Çox sağ olun, Bahar xanım. Hörmətli mil­lət vəkilləri, mən bu dəyişikliyə səs verəcəyəm. Yalnız qa­nunun adı ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Dü­zəlişdən də, qanunun məzmunundan da görünür ki, burada təkcə elektrik enerjisindən yox, eyni zamanda, istilik enerji­sindən söhbət gedir. Mən hesab edirəm ki, “Elektroener­getika haqqında” Qanunun adı dəyişməlidir, çünki enerjinin müxtə­lif növləri var və bu onları özündə əhatə etmir. Ona görə də təklif edirəm ki, gələcəkdə “Elektroenergetika haq­qında” Qanun ya enerji haqqında, ya da enerji daşıyıcıları haqqında qanun kimi səsləndirilsin. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Mən çıxış edənlərdən xahiş edi­rəm, vaxtımıza az qalıb, fikirlərinizi konkret ifadə edin ki, fasiləyə qədər Valeh müəllim bəzi suallara cavab verməyə imkan tapsın. Hikmət Atayev.

H.Atayev. Çox sağ olun. Bahar xanım, çox qısa danı­şa­cağam. Əvvəla, mən də burada çıxış edən deputatların ək­səriyyətinin fikri ilə razıyam. Bu problemlər hamımızda var və mən elə bilirəm, bunlar həll olunmalıdır. Qanuna tək­lif olunan dəyişiklikləri müsbət qəbul edirəm və səs verə­cəyəm.

Sadəcə, Valeh müəllim, bilirsiniz, nə təklifim var? Mən təklif edərdim, hər iki qanuna dəyişiklikdə nəzərdə tutulan təşkilatlar qaz və elektrik çəkilişində bir qədər estetikaya fikir versinlər. Mən tez-tez maşınla rayona gedirəm. Bəzən təəccüblənirəm ki, elə bil, qeyri-adi nəsə oldu. Baxıram, tə­biət eyni təbiətdir, yollar eyni yoldur, amma nə isə yenilik var. Görürəm, dirəklər sıra ilə düz durublar və o yana, bu yana əyilməyiblər. Bu özü böyük bir gözəllikdir, yaraşıqdır.

Hələ yolları demirəm, qaz xətlərinin çəkilişinə fikir versə­niz, görərsiniz ki, bunlar kəndləri, rayonları faktiki olaraq görünüşdən salır. Mənə elə gəlir ki, həmin rayonlarda maral, quş, şir heykəlləri qoymaqdansa, buna fikir versəydilər, qaz xətləri daha düzgün çəkilərdi, elektrik dirəkləri daha düz durardı. Sağ olun.

Sədrlik edən. Sağ olun, Hikmət müəllim. Amma nəzərə alın ki, at, maral heykəllərini qoyanlarla qaz xəttini çəkənlər fərqli qurumlardır. Bu məsələ həll olunacaq. Etibar Hü­seynov.

E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr müavini. Mən bir dəfə komitənin iclasında da əhalinin qaz problemi ilə bağlı məsələni qaldırmışam. O vaxt Rövnəq müəllimə də sual verdim ki, nə üçün bu gün Azərbaycanın ən ucqar kənd­ləri qazlaşdırıldığı halda, paytaxtın mərkəzində yüzlərcə, minlərcə insan bu problemdən əziyyət çəkir? Yəni bu insan­ların günahı nədir ki, onlar son qəpiklərini qoyurlar, ev əşya­larını satırlar, borc-xərc edib mənzil alırlar, lakin aylarla, illərlə qaz üzünə həsrət qalırlar. Cavab belə oldu ki, Bakı Şəhər İcra Hakimiyyəti təhvil-təslim aktını verməmiş bu mənzillərə qaz verilə bilməz və bu da əhalinin təhlükəsizliyi nəzərə alınaraq edilir.

Ancaq sual olunur, nə üçün binaya işıq, su verilir, lift, kanalizasiya sistemi işə salınır, amma qaz verilmir? Biz bu gün televiziyada da görürük ki, bir sıra qəzalar, yanğınlar qazdan daha çox elektrik naqillərinin yüklənməsindən baş verir. Bu insanların günahı nədir? Kiminsə kimdənsə uma­cağı, ya prinsipi var ki, bunların qaz problemi həll olunmur. Bu insanların heç bir günahı yoxdur.

Digər tərəfdən, biz televiziyada dəfələrlə müşahidə edirik ki, elektrik və qazla bağlı kart sisteminə keçilibdir. Lakin insanlar açıq-aydın efirdən sübut edirlər ki, bunların kartında kontur olduğu halda, mənzillərinə qaz, işıq verilmir. Çıxış edən bəzi deputat həmkarlarım kimi mən də hesab edirəm ki, bu sahədə kifayət qədər ciddi islahatların aparılmasına ehtiyac var. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Mən xahiş edirəm, iki dəqiqə ərzində fikirlərinizi ifadə edin. Novruzəli Aslanov.

N.Aslanov. Təşəkkür edirəm, Bahar xanım. Fikirlərimi çox qısa ifadə edəcəyəm və bu qanun layihəsinin lehinə səs verəcəyəm.

Burada qardaş Türkiyəyə yardım haqqında danışıldı. Ara­yış xarakterli məlumat vermək istəyirəm. Qızıl Aypara Cə­miyyəti zəlzələ baş verən gündən yardım kampaniyasını başlamışdır və bir çox insanlar da buna qoşulmuşlar. Mən özüm də məvacibimin bir hissəsini ora köçürmüşəm. Təbii ki, Qüdrət müəllimin bu təklifinə uyğun olaraq demək istəyirəm ki, Qızıl Aypara Cəmiyyəti və Türkiyənin Kızılayı arasında olan razılaşmaya əsasən bütün bu yardımlar Qızıl Aypara Cəmiyyətinin xətti ilə Türkiyəyə göndərilir. İstənilən şəxs istənilən insan bu kampaniyada iştirak edə bilər. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun, Novruzəli müəllim. Fəzail müəl­lim, buyurun.

F.Ağamalı. Təşəkkür edirəm, hörmətli Bahar xanım. Hö­kumətin iştirakı ilə keçiriləcək büdcə müzakirəsində qaz və elektrik enerjisinin təchizatı ilə bağlı ətraflı müzakirələr ke­çiriləcək. Sadəcə olaraq, “Qaz təchizatı haqqında” Qanu­nun predmeti ilə bağlı birbaşa fikir irəli sürmək istəyirəm. Dü­şünürəm ki, bu qanuna edilən dəyişiklik (hələ gecikmi­şik) son dərəcə əhəmiyyətlidir və mən böyük məmnuniy­yət­lə buna səs verəcəyəm.

2011-ci ilin mart ayında seçilmiş olduğum Salyan rayonu­nun Qarabağlı kəndində qaz şirkətinin məsul şəxsləri insan­lara xəbərdarlıq etmədən qaz xəttini kəsiblər. Həmin yerdə ki, oradan səmt qazı verilir. Səmt qazı elə Qarabağlı kəndi­nin özündə çıxır. Qaz insanların gözü qarşısında yanır, am­ma o kənd qazsızlıqdan böyük əziyyət çəkir. Müxtəlif yer­lərə müraciət etməyimə və rayon icra hakimiyyəti başçısının müəyyən cəhdlərinə baxmayaraq, indiyə qədər həmin qaz xətti bərpa olunmur. Müxtəlif bəhanələrlə o qaz xətti kəsilib. Ona görə də hörmətli Valeh müəllim, həm də təklif edərdim ki, bunu pozan hüquqi şəxslər məsuliyyətə cəlb olunsunlar və bunun üçün Cinayət Məcəlləsinə xüsusi maddə əlavə edilsin. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Elton Məmmədov.

E.Məmmədov. Təşəkkür edirəm, Bahar xanım. Mən də gündəliyin 9-cu və 10-cu məsələlərinə münasibət bildirərək demək istəyirəm ki, çox hörmətli Valeh müəllimin lakonik təqdimatı bu sənədə səs vermək üçün bizə əsas verir.

Bununla bərabər, bu komitənin üzvü olaraq çıxış edən çox hörmətli həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, na­rahatçılıq doğuran bu məsələlər, əslində, müzakirə etdiyimiz qanunlarda öz əksini tapıbdır. Biz həm 2009-cu ildə, həm də 2010-cu il may ayının 26-da bu qanunlara əlavə və dəyişik­liklər edərək istismar aktı qəbul edilmədən həmin binalara qaz, enerji, su təchizatının verilməsini qadağan et­dik. Bu da, hesab edirəm ki, ölkədə müəyyən xaosun qarşı­sını aldı və bununla da vətəndaşlarımızın müəyyən məsələ­lərdə hüquqla­rını müdafiə etmiş olduq. Xaos dövründə müəy­yən proseslər baş versə də, bu gün artıq biz qanun­vericiliklə bunları tən­zimləyirik. Bu da sakinlərin həm qaz, həm də enerji təchi­zatında problemlərinin aradan qaldırıl­masına gətirib çıxarır.

Ümumilikdə, hesab edirəm ki, həm energetika, həm də qaz təchizatı sahəsində respublikamızda kifayət qədər işlər gedir. Bu işlərə, yeni infrastrukturların yaranmasına, inkişaf tendensiyasına kölgə salmaq yox, dəstəkləmək lazımdır. Hesab edirəm ki, müzakirəyə çıxarılan qanun layihələrinə səs vermək lazımdır. Təşəkkür edirəm.

Sədrlik edən. Bir sual var, bir də çıxış. Səsə qoyaq, yox­sa onları da dinləyək?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Təkid edirsinizsə, onda qoy Ərəstun mü­əllim də çıxış etsin. Buyurun.

Ə.Cavadov. Çox sağ olun, Bahar xanım. Mən belə hesab edirəm ki, sifarişçi ilə xidmət sahəsində olan bütün bu narazılıqlar öz əksini müqavilədə tapmalıdır. Bu isə xidmət sahələrinin diktəsi ilə yazılan müqavilədir, əhali ona heç bir əlavə və dəyişiklik edə bilmir. Ona görə də onlar istədiyi kimi hərəkət edirlər. Bu narazılıqların qarşısını almaqdan ötrü müqaviləni əhalinin rəyi ilə bağlamaq lazımdır. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.

X.Kazımlı. Hörmətli Bahar xanım, burada deyildi, nara­zılıqlar çoxdur. Hörmətli Valeh müəllim də mənimlə razı­laşar ki, bunun başlıca səbəblərindən biri yerlərdə enerjiyə rəhbərlik edən adamların tez-tez dəyişdirilərək mərkəzdən göndərilməsidir. Rayon rəhbərliyinin fikri öyrənilmədən bu adamlar tez-tez dəyişdirilir. Bu necə olmalıdır? Kadrların dəyişdirilməsi yerli orqanların razılığı ilə olmalıdır, yoxsa “Azərenerji” kimi göndərirsə, rayon icra hakimiyyəti onu qəbul etməlidir?

Sədrlik edən. Sağ olun, Xanhüseyn müəllim. Mən hesab edirəm, kifayət qədər maraqlı fikirlər səsləndi və Valeh müəllim onları bir-bir cavablandıracaq. Buyurun, Valeh müəllim.

V.Ələsgərov. Mən iclasımızı televizorda göstərəndə ic­lasın iştirakçısı olmadan seyr eləsəm, qərara gələrdim ki, elə bütün bu problemləri Valeh Ələsgərov yaradır və onu həll eləyən adamdır. Belə bir fikir yarana bilər.

Sizin sualdan başlayım. Bugünkü təcrübədə heç bir ida­rənin rəhbəri rayon icra hakimiyyətinin başçısı ilə razılaşdı­rılmamış təyin olunmur. Elə bir şey varsa, deməli, bu, rayon icra hakimiyyəti başçısının zəifliyidir. Bunu başqa cür izah etmək olmaz. Rayondakı vəziyyətə birbaşa cavabdeh olan odur, onunla razılaşdırılır.

Sual olundu ki, müqavilə necə yazılmalıdır? Mənə inana bilərsiniz, bu həm qanunda çox geniş yazılıb, həm də Na­zirlər Kabinetinin müvafiq qaydalarında xırdalıqları ilə veri­lib. Əgər bunları kimsə oxumursa, icra etmirsə, bu başqa məsələ. Yəni hüquqi təhsildən, ya da bilik səviyyəsindən də söhbət getməlidir. Bu qanunda yaza bilmərik ki, müqavilə imzalayan filan şeyi bilməlidir, oxumalıdır, öyrənməlidir. Bu­nu qorumaq istəyən qanunu da oxusun, qaydaları da. Hamısı çap olunub, oxuyub öyrənmək mümkündür. Öz haq­qını tələb eləyə bilər.

O ki qaldı binalara, bu məsələ burada dəfələrlə qaldırılıb. Mən bir dəfə öz fikrimi demişəm, onun üzərində də daya­nıram. O evlərdə mənzil alan şəxslər müqaviləni imza­la­yanda ona öz hüququnu qorumaq istəyən şəxs kimi yanaşsa, onun hüququnu heç kim poza bilməz. Birinci, şirkət evi tikməmişdən qabaq yerli hakimiyyət orqanları ilə müna­sibətlərini hüquqi nöqteyi-nəzərdən düzgün qurmalıdır. Çox hallarda bu münasibətlər düzgün qurulmur. Bunun səbəbi nədir? O istəyir ki, bina daha ucuz başa gəlsin, daha tez istismara verilsin və daha baha satılsın. Sonra da deyirik ki, filankəs icazə vermədi.

Hər kəs öz hüququnu müvafiq müqavilə ilə qorumalıdır. O evlərdə məskunlaşmış adamlar işıq, qaz qoşulmamış niyə köçürlər? Niyə tələb eləmirlər ki, pulumu vermişəm, mənə mənzil verməlisən və orada qaz, elektrik enerjisi, su olma­lıdır. Niyə tələb eləmirlər? Niyə bunun şərtlərini yazmırlar? Ona görə də kimisə günahlandırmaq, kimisə cəzalandırmaq, mənim fikrimcə, düzgün deyil. Bu münasibətlərin sub­yektlərinin hər birinin hüququ da var, haqqı da, öhdəliyi də. Bunu qorumaq, yerinə yetirmək lazımdır. Burada kimsə qərar verə bilməz ki, sabahdan bütün evlərə qazı qoşun. Qoşuldu, partlayış, yanğın oldu. Kim cavab verəcək? Ona görə də bu məsələlərə bir az ehtiyatla yanaşmaq lazımdır.

Deyirsiniz ki, kəndlərdə işıq, qaz yoxdur. Gəlin, Azər­bay­canda əhalinin, ya da ərazimizin qazlaşma və elektrik ener­jisi ilə təminatı göstəricilərini qonşu ölkələrlə, məsələn, ən inkişaf eləmiş Rusiya ilə müqayisə eləyək. Görək Rusiyada neçə faiz əhali, ya da yaşayış məntəqələri qazlaşıbdır? Yəni müqayisədə bir şey öyrənmək olar. Əlbəttə, hamı istəyər ki, evində su da, qaz da, çörək də olsun. Razılaşın ki, son illərdə bu proses daha sürətlə gedir, daha yüksək sürətlə inkişaf edir. Bunları görməmək düzgün deyil. Mən əminəm ki, ya­xın bir-iki ildə Azərbaycanda yaşayış məntəqələrinin aşa­ğısı 90 faizi qazlaşdırılacaqdır.

Bu gün elə bir kənd, elə bir qəsəbə yoxdur ki, elektrik enerjisi olmasın. Hamısında var. Vaxtaşırı kəsilirsə də, var. Ancaq bunun tədbirini görən təkcə “Azərenerji” deyil, yerli icra hakimiyyəti orqanlarıdır, yerli əhalidir, işıq idarəsi, qaz idarəsidir. Bunu da nəzərə almaq lazımdır. Bu sualların ço­xunu, bayaq Bahar xanımın dediyi kimi, müvafiq qurumların rəhbərləri burada olanda vermək lazımdır. Bu sualları mənə verdiniz, mən də ünvanına çatdıraram. Ancaq siz də bu sualları onlara versəniz, daha yaxşı olardı. Bəzi təkliflərinizi də qəbul eləyə bilərəm, amma yazılı şəkildə. Mən hər dəfə bunu deyirəm. Əgər doğrudan da, təklif ciddidirsə, onun arxasında dura biliriksə, yazılı şəkildə təqdim eləyin. Söz verirəm ki, biz bunu öyrənib, addım-addım müvafiq or­qanlarla işləyib sizə təqdim edəcəyik.

Bakıda külək oldu, nə bilim, hava korlandı bəhanəsi ilə qaz, işıq yoxdur deyimini mən də qəbul etmirəm. Amma əmin ola bilərsiniz ki, ən inkişaf etmiş ölkələrdə də hava şəraiti ilə əlaqədar işıq da, su da, qaz da kəsilir. Bu yaxında təsadüfən böyük bir Avropa ölkəsinin paytaxtında yaşayan bir insanla söhbətdən məlum oldu ki, iki gündür, evlərində nə qaz var, nə işıq, nə də su. Heç biri yoxdur. Çox inkişaf eləmiş ölkədə də bu baş verir. Sağ olun.

Sədrlik edən. Siz də sağ olun, Valeh müəllim. Mən əmi­nəm ki, Valeh müəllim, Sizin cavablarınızı, burada səslənən fikirləri Sizdən əvvəl mətbuat aidiyyəti ünvanlara çatdıracaq və onlar da bu məsələyə ciddi diqqət yetirəcəklər. Mən düşünürəm ki, bu məsələləri səsə qoymağın vaxtıdır. Xahiş edirəm, 9-cu məsələyə – “Elektroenergetika haq­qın­da” Azər­baycan Respublikasının Qanununda dəyişiklik edil­məsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

 

Səsvermənin nəticələri  (saat 14.06 dəq.)

Lehinə  102

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi 1

İştirak edir 103

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Xahiş edirəm, “Qaz təchizatı haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

 

Səsvermənin nəticələri (saat 14.07 dəq.)

Lehinə  93

Əleyhinə 0

Bitərəf  0

Səs vermədi 0

İştirak edir 93

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin

birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

 

Sədrlik edən. Hörmətli deputatlar, xahiş edirəm, yerləri­nizi tutasınız. Gündəliyin növbəti məsələsi “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik­lər edilməsi barədədir. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bil­diyiniz kimi, məhkəmə-hüquq islahatları nəticəsində ha­zırda iqtisadi məhkəmələr inzibati məhkəmələrlə əvəz olu­nub. Ona görə də təklif olunur ki, “İcra məmurları haqqında” Qanunda “iqtisadi” sözündən əvvəl “inzibati” sözü də əlavə olunsun. Çünki bu gün artıq məhkəmələr inzibati-iqtisadi məh­kəmələr adlanır. Bu, texniki bir düzəlişdir. Millət vəkil­lərinin bu layihəyə səs vermələrini xahiş edirəm.

Sədrlik edən. Sağ olun, Əli müəllim. Tamamilə doğru­dur, yerində olan bir düzəlişdir. Ona görə xahiş edirəm, qa­nun layihəsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 16.04 dəq.)

Lehinə 94

Əleyhinə 0

Bitərəf  0

Səs vermədi 0

İştirak edir 94

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Mə­cəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, əgər etiraz elə­mə­səniz, növbəti 13-cü məsələni də məruzə edərdim. Çünki həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəl­ləsinə edilən əlavə və dəyişikliklər...

Sədrlik edən. Əli müəllim, burada 14-cü məsələ var, onu da onlarla bir yerdə məruzə edin, amma səsverməni ayrı apararıq.

Ə.Hüseynli. 12-ci və 13-cü məsələlər “Dini etiqad azad­lı­ğı haqqında” Qanunla bağlıdır. Cinayət Məcəlləsində dis­pozisiyada heç bir dəyişiklik yoxdur, çünki məcəllənin mü­va­fiq maddələri bu məsələləri tənzimləyir. Amma hörmətli millət vəkilləri, sanksiyalarda dəyişikliklər təklif olunur və kifayət qədər ciddi fərqlər var. Cərimə sanksiyalarını xüsusi vurğulamaq istəyirəm. Yəni burada başqa cəza növləri yox, cərimə sanksiyaları artırılır.

Birincisi, məlumat üçün demək istəyirəm ki, biz son dövr­lərdə İnzibati Xətalar Məcəlləsində cərimə sanksiyala­rının artırılması ilə bağlı bir çox dəyişikliklər eləmişik. Belə demək mümkünsə, İnzibati Xətalar Məcəlləsində müxtəlif xətaların yarısından çoxunda cəzaları sərtləşdirmişik. Bunun bir neçə səbəbi var. Hesab edirik ki, mövcud sanksiyalar, yəni mövcud məbləğlər real olaraq hər hansı bir xətadan çə­kindirir. Əhalinin gəlirləri kifayət qədər artmışdır. Ümumiy­yətlə,­­ indiki iqtisadi münasibətlərdə mövcud olan kiçik cə­rimə sanksiyaları heç bir səmərə vermir, bəzən də formal xarakter daşıyır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, müa­sir dünyada da azadlığın məhdudlaşdırılması, həbs olun­ma yox, məhz cərimə sanksiyalarının artırılması yolu ilə cinayətkarlığın profilaktikası həyata keçirilir.

Ona görə, hesab edirəm ki, 167-ci və 168-ci maddələrdə cərimə sanksiyalarının bir neçə dəfə artırılması mövcud vəziyyətdə törədilə biləcək cinayət hadisələrinin qarşısının alınmasına yönəlmişdir. İnzibati Xətalar Məcəlləsində edilən düzəliş “Dini etiqad azadlığı haqqında” qanunvericiliyin po­zulması ilə bağlı maddəyə edilən dəyişikliklərdir. Bilir­siniz ki, mövcud mətn var, qanunvericiliyin pozulmasına görə məs­­uliyyət də var. Amma bir müddət öncə parlament tərə­findən “Dini etiqad azadlığı haqqında” Qanuna əlavələr və dəyişikliklər edildi. Həmin əlavə və dəyişikliklər ondan iba­rət idi ki, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıl­madan dini təhsil müəssisələrində təhsil almaq üçün vətən­daşların xaricə göndərilməsi qadağan olunurdu. Eyni zaman­da, islam dininə aid ayin və mərasimlərin Azərbaycan Res­publikasından kənarda təhsil almış şəxslər tərəfindən həyata keçirilməsi də qadağan olunurdu. Artıq “Dini etiqad azadlığı haqqında” Qanunda bu müddəa var.

Biz onu da müşahidə edirik ki, qanunvericiliyimizdə bu müddəanın olmasına baxmayaraq, pozuntular da var. Hesab edirəm ki, tamamilə düzgün olaraq cənab Prezident tərəfin­dən İnzibati Xətalar Məcəlləsinə bu qanunların bir-birinə uyğunlaşdırılması ilə bağlı təklif irəli sürülüb. İnzibati Xə­talar Məcəlləsinin müvafiq maddəsi “Dini etiqad azadlığı haqqında” Qanuna uyğunlaşmalıdır. İkincisi, bundan əvvəl qeyd etdiyim kimi, Cinayət Məcəlləsində sanksiyalar – an­caq cərimə sanksiyaları artırılmışdır.

Hörmətli Ziyafət müəllim, biz komitələrin birgə iclasında bu məsələni çox geniş müzakirə eləmişik. Açığını deyim ki, o müzakirə İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəl­ləsinin kontekstindən kənara çıxdı, daha çox “Dini etiqad azadlığı haqqında” Qanunun ətrafında oldu. Ona görə hör­mətli millət vəkillərindən xahiş edirəm ki, biz müzakirə za­manı bu pred­metdən kənara çıxmayaq. Çox sağ olun, Ziyafət müəllim.

Sədrlik edən. Sağ olun, Əli müəllim. Rəbiyyət xanım, bu məsələ Sizin komitədə də müzakirə olunub. Əlavəniz varmı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda qanun layihəsinin müzakirəsinə başlayırıq. Fazil Mustafa.

F. Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət və­killəri! Bu qanun layihəsi ilə bağlı Milli Məclisin komi­tələrinin birgə iclasında öz arqumentlərimi səsləndirmişəm. Yəqin ki, bu, protokolda da öz əksini tapıb. Komitələrin iclasında bu qanun layihəsinə edilən dəyişikliklərin əleyhinə səs verən tək millət vəkili olduğuma görə, burada da, sadəcə, uzatmadan, yəni təkrarçılığa yol vermədən bildirmək istəyi­rəm ki, artıq bizdə “Dini etiqad azadlığı haqqında” Qanun yox, Dini etiqad azadlığının məhdudlaşdırılması haqqında qanun qəbul eləməyin zamanı gəlib çatıb. Çünki bu sahədə bütün müddəalar ancaq məhdudlaşdırmaya yönəlib və döv­lətlə dindarlar arasında münasibətin pozulması istiqamətində çox ciddi səylər göstərilir. Məncə, bu, yanlış bir siyasətdir.

Bu gün mən hakimiyyətin din siyasətinin, əslində, bu sa­hədə normallaşmaya yox, gərginlik yaranmasına yönələn bir siyasətə gəlib çıxacağından ehtiyat edirəm və bu ehtiyatımı, narahatçılığımı da dilə gətirmək istəyirəm. Mən istərdim ki, dövlət bu dindarlara hər hansı bir kriminal kateqoriyadan olan insanlar kimi baxmasın, dövlətin idarə olunmasında, cəmiyyət həyatında onlara münasibətin dəyişməsinə nail ola bilsin. O baxımdan da mən bu qanun layihəsinin əleyhinə səs verəcəyəm. Cinayət Məcəlləsində də, İnzibati Xətalar Məcəlləsində də sanksiyanın ağırlaşdırılması bu sahədə mə­sələnin hər hansı bir şəkildə normallaşmasına xidmət etmə­yəcəkdir. Diqqətinizə görə sağ olun.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri

O. Əsədov  sədrlik  edir

 

Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.

G.Baxşəliyeva. Hörmətli millət vəkilləri, Cinayət Məcəl­lə­sinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri mən də dəstəkləyirəm. Əslində, mən hesab edirəm ki, bu ki­mi dəyişikliklər daha öncə təklif olunsa idi, məqsədə­mü­va­fiq olardı. Amma hər halda bu gün də gec deyil.

Din ilk növbədə mənəvi və mədəni dəyərlər sistemi ola­raq istənilən cəmiyyətin həyatında çox böyük rol oynayır. Müstəqil Azərbaycanda dövlət-din münasibətləri kifayət qə­dər tənzimlənir və bunun nəticəsidir ki, indiyədək bu sa­hə­də olan hər hansı bir problemi dövlətimiz qısa bir zaman­da həll edir.

Mən həmkarım Fazil Mustafadan fərqli olaraq, hesab edi­rəm ki, bu dəyişikliklər çoxtərəflidir. Onun bu sahə ilə bağlı dediyi fikirlərlə tamamilə razı deyiləm. Mən arzu edərdim ki, bundan sonra da Azərbaycan dövləti bu sahədə qətiyyə­tini daim bildirsin.

İndi mən öz fikrimi əsaslandırmağa çalışacağam. Xüsu­silə vurğulamaq istəyirəm ki, hörmətli Hidayət Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin başında durandan sonra bu sahədə çox böyük müsbət dəyişikliklər müşahidə etmişik.

Əgər islamın zühuru əvvəlki cəhalət dövrü ilə müqayi­sə­də mütərəqqi hal olaraq qadınlara və ümumiyyətlə, insanlara yeni hüquqlar verirdisə, müsəlman aləminin o zaman üçün çox böyük intibahına, inkişafına gətirib çıxarırdısa, XII əsr­dən sonra məhz dinin mövcud ictimai-siyasi vəziyyətə uy­ğun­laşdırılmaması səbəbindən müsəlman aləmində çox bö­yük durğunluq yaşanmağa başlandı. Bu durğunluq dövrü ta XVIII əsrin sonuna, Napoleonun Misirə ekspedisiyasınadək davam elədi. Zaman-zaman mühafizəkarların islahatçılara qa­lib gəlməsi, islahatçıların hər hansı bir istiqamətdə atmaq istədikləri addımların, mütərəqqi təkliflərin qəbul olunma­ması islam aləmini bu gün gördüyümüz vəziyyətə salıb. Hə­min o təsir altında mənim həmkarım əks-istiqamətdə danış­dı. Amma görünür, müsəlman aləminin vəziyyəti haqqında onun kifayət qədər təsəvvürü yoxdur. Mən heç istəməzdim ki, xalqımız oradan gələn müəyyən meyillərin, təsirlərin altına düşsün.

Bu yaxınlarda hamımız hicab məsələsində bir qədər gər­ginlik yaşadıq. Hesab edirəm ki, biz bu istiqamətdə daim maarifləndirmə işləri aparmalıyıq. Bu işə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də cəlb olunmalıdır. Mütləq qadınlarımız arasında iş aparmalıyıq, rayonlara sə­fər­lər etməliyik. O regionlarda ki hicaba meyillilik daha güc­lüdür, orada maarifləndirmə işlərini gücləndirməliyik. Bu bizim üçün təhlükəlidir. Ona görə ki, görürsünüz, müəyyən qonşu dövlətlər bu gərginlikdən öz xeyirləri üçün istifadə etmək istəyirlər. Bu işə Azərbaycan televiziyaları qoşul­malı­dır, böyük maarifləndirmə işləri aparılmalıdır. Bəzi insanlar mənimlə razı olmaya bilərlər ki, bizim əhali Şərqdən gələn hər hansı bir təsir altına güclü surətdə düşəcək səviyyədə deyil. Amma mən sizə Əlcəzairin nümunəsini gətirə bilərəm. Əlcəzair müstəqillik qazanandan sonra məlum oldu ki, xalq ərəb dilini unudub. Orada dövlət dili fransız dili idi. Hətta fransız dili hər yerdə o səviyyədə işlənirdi ki, dövlət məcbur oldu, ərəbləşmə üçün xüsusi proqramlar həyata keçirsin. Nə oldu? Qısa bir zamanda – iki onillik ərzində avropalaşmış Əlcəzair cəmiyyətində islami meyillər, radikal islam çox güclü şəkildə yayıldı. O zamandan bu günədək hər bir seç­kidə Əlcəzairdə minlərcə insan tələf olur. İslamçılar haki­miy­yətə gəlmək istəyirlər. Ona görə hesab edirəm ki, bu sahədə çox ciddi olmalıyıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə apardığı işi tam dəstəkləyirəm. Bunu düzgün hesab edirəm və bu qanunun lehinə səs verəcəyəm.

Hörmətli Sədr, vaxtıma var, imkan versəydiniz, dolayısı da olsa, “ərəb baharı” haqqında öz fikirlərimi söyləyərdim, çünki son vaxtlar cəmiyyətdə bu haqda müxtəlif fikirlər səslənir. 2011-ci ilin əvvəllərindən ərəb aləmində baş verən ictimai-siyasi hadisələrin gedişatını hamımız diqqətlə izləyi­rik. Siyasi analitiklər tərəfindən “ərəb baharı” adlandırılan bu hadisələri doğuran səbəblər, onların nəticələri və region ölkələrinə mümkün təsiri haqqında müxtəlif təhlillər aparılır, fikirlər söylənilir, mülahizələr irəli sürülür. Bu da təbiidir. Ancaq baş verən hadisələrdən bəzən çox yanlış nəticələr çıxa­rılır, bayağı, qeyri-peşəkar təhlillər və müqayisələr nəti­cəsində tamamilə əsassız iddialar ortaya qoyulur.

Söhbət bəzi analitiklərin “ərəb baharı”nın Azərbaycana mümkün təsiri haqda söylədikləri fikirlərdən gedir. Mən hesab edirəm ki, Yaxın və Orta Şərqdə baş verən hadisələrə ilk növbədə regionu yaxından tanıyan mütəxəssislər qiymət verməlidirlər. Ümumiyyətlə, ərəb ölkələrində olmadan, bu xalqın yaşayış səviyyəsini görmədən, psixologiyasını yaxın­dan bilmədən, orada son vaxtlar baş verən hadisələri müş­a­hidə etmədən kənardan hər hansısa dəyərləndirmə düzgün hesab oluna bilməz.

Tunis, Liviya, Misir, Yəmən və digər ərəb ölkələrinin real, – təkrar edirəm, real, kağızda yox, – iqtisadi gö­stə­ri­ciləri ilə Azərbaycanın iqtisadi göstəriciləri heç bir müqayi­səyə gəlmir. Ərəblərlə azərbaycanlıların mədəni səviyyəsi, mentaliteti, yaşam tərzi, həyati prioritetləri arasında yerlə göy qədər fərq var. Söhbət o xalqdan gedir ki, hələ XVIII əs­rin ortalarında, Abbasilər Əməviləri devirəndən sonra əmə­vilərin bütün rəhmətə gedən ölülərinin cəsədlərini qəbirdən çıxarıb yandırdılar, yəni barbarlıq elədilər. Görün, neçə əsr keçəndən sonra eynilə Liviyada Qəzzafinin qohumlarının cəsədlərini məzardan çıxarıb yandırırlar. İnkişaf bu səviy­yədədir.

Mən heç bir xalqı aşağılamaq istəmirəm. Mən o xalqı çox sevirəm, dünyaya çox möhtəşəm bir mədəniyyət bəxş edib. Amma mən reallıqdan danışıram. Bəzi insanlar Şərq aləmi haqqında bir qədər yanlış fikirdədirlər. Azərbaycanlılarla ərəblər arasında, Azərbaycanla ərəb ölkələrindəki ictimai-siyasi və iqtisadi durum haqqında müqayisələr aparmaq və hər hansı bir oxşarlıqlar taparaq iddia etmək ki, o hadisələrin bizdə də təkrarlanması mümkündür – bu yalnız xəstə təxəyyülün və itirilmiş illüziyaların məhsuludur.

Demək istəyirəm ki, ərəb ölkələrində baş verən hadisələ­rin digər ölkələrə, o cümlədən Azərbaycana avtomatik şamil edilməsi qətiyyən düzgün deyil. Hər ölkədə ictimai-siyasi həyatın öz xüsusiyyətləri, öz problemləri və ziddiyyətləri var. Bu ziddiyyətlərin də öz həlli mexanizmləri var. Bəli, o başqa söhbətdir ki, ərəb liderləri bu problemləri vaxtında görüb hadisələri qabaqlaya bilmədilər. Azərbaycanda isə vəziyyət tamamilə başqadır. Azərbaycan iqtidarı mövcud prob­lemləri irəlicədən görməyi və onları həll etməyi bacarır. Azərbay­canda aparılan iqtisadi, siyasi və hüquqi islahatlar qarşıya çıxan problemlərin tezliklə həllinə şərait yaradır. Sağ olun.

Sədrlik edən. Sağ olun. Elmira Axundova.

E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli mil­lət vəkilləri! Cinayət Məcəlləsinin 167 və 167-1-ci mad­dələrində dini ayinləri icra etməyə mane olmağa və dini etiqad etməyə məcbur etməyə görə tətbiq olunan sanksiya sərtləşdirilir və cərimə artırılır. Eyni zamanda, İnzibati Xə­talar Məcəlləsində də “Dini etiqad azadlığı haqqında” Qanu­nun pozulması ilə bağlı hallar göstərilir.

Həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Mə­cəl­­sinə edilən dəyişikliklər başa düşüləndir. Bu müddəaları ölkəmizin təhlükəsizliyi üçün qabaqlayıcı və məntiqli addım hesab edirəm. Bu mənada hörmətli Gövhər xanımla razıyam, amma məni bir şey narahat edir. O da bu qanunlara edilən dəyişikliklərin icrası ilə əlaqədardır.

İnzibati Xətalar Məcəlləsinin 300.0.2-ci maddəsini anla­maq bir az çətindir, çünki burada söhbət xaricdə təhsil alan din xadimlərindən gedir. İslam dininə aid ayin və məra­simləri keçirmək onlara qadağan edilir. İndi isə buna görə yüksək cərimələr təyin edilir. Biz bir il əvvəl “Dini etiqad azadlığı haqqında” Qanuna bu əlavələri etmişik. İndi də bu qadağalar sayəsində cərimələr tətbiq edilir. Mən o vaxt da demişdim, indinin özündə də hesab edirəm ki, bu maddə insan hüquqlarına ziddir, çünki hər kəsin istənilən yerdə təhsil almaq hüququ vardır.

Digər tərəfdən, tanınmış din xadimlərimiz, axundlarımız, hörmətli Şeyxülislamın özü də daxil olmaqla Qafqaz Müsəl­manları İdarəsində çalışanların çoxu dini təhsillərini məhz xarici ölkələrin, – İran, İraq və sair, – institut və universi­tet­lərində alıblar. Bizim dini institutlarımız dövlət müstəqilliyi əldə edildikdən sonra yaradılıb. Hətta indinin özündə də bir çox tanınmış hacı və axundumuz, dini icmaların rəhbərləri dini biliklərini artırmaq üçün ikinci təhsillərini xaricdə alır­lar. Bir qayda olaraq siyasi elitanın, tanınmış ictimai xadim­lərimizin yaxınlarının vəfatı ilə bağlı dini mərasimləri məhz bu din xadimləri aparırlar. İndi bu dəyişikliyə əsasən həmin şəxslər cərimə oluna bilərlər.

Buna görə iki sual ortaya çıxır. Birincisi, bunun icrası necə olacaq? Bu dəyişikliklərin icrasını qanunun müəllifləri necə təsəvvür edirlər? Yəni hüquq mühafizə orqanının əmək­daşları dini mərasimin, ehsanatın həyata keçirildiyi mağarlara, evlərə daxil olaraq dini təhsil haqqında diplomu tələb edəcəklər?

İkincisi, nə üçün bu əlavələrin müəllifləri daha irəli gedib çox mühüm bir məsələyə diqqət yetirməyiblər, ali və ya xüsusi dini təhsili olmayan insanların bu cür dini tədbirlərdə iştirakını qadağan edən dəyişiklikləri bura daxil etməyiblər? Halbuki bu daha çox məntiqli olardı. Bu dəyişikliyi etmək lazımdır, çünki hazırda bir çox qəbiristanlıqlarda, ehsanatda hər hansı dini təhsili olmayan və Quranın bəzi surələrini kor-koranə əzbərləmiş mollalar iştirak edirlər. Hesab edirəm ki, onlar islamın imicinə xaricin nüfuzlu ali məktəblərində təhsil alan həmkarlarından daha çox xələl gətirirlər.

Hesab edirəm ki, bizim dini icmalarımızda, həmçinin dini mərasimlərin keçirilməsində xeyli sayda problemimiz var. Müvafiq komitələrdən çox xahiş edərdim ki, nəhayət, dini mərasimlər haqqında qanun hazırlayaq. Bəli, bu problem­lərlə mübarizə aparmaq, iş görmək lazımdır. Yalnız qada­ğan­edici tədbirlər vasitəsi ilə biz problemi daxilə sıxışdıra bilərik.

Bir də, mənim digər bir sualımı Əli müəllim aydınlaş­dır­sın. 300.0.4-cü maddədə yazılır ki, – bu, köhnə maddədir, başa düşürəm, – əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dini mərasimləri apara bilməzlər. İndi də əlavə edirik ki, bu şəxslər dini təyinatlı əşyaları, ədəbiyyatı və sair materialları yayarlarsa, cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Onda belə bir sual ortaya çıxır. Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, lüteran icmalarının vəziyyəti necə ola­caq? Axı, həmin icmalarda, kilsələrdə bir qayda olaraq siz deyən dini əşyalar satılır, dini ədəbiyyatlar yayılır. Bu icma­larda mərasimləri öz dini mərkəzlərinin göstərişi ilə gələn xaricilər aparır. İndi biz nə edəcəyik? Həmin dini icmaları bağlayacağıq, yoxsa onları cərimə edəcəyik?

Mən nəyə görə bu sualları verirəm? Çünki hörmətli cənab Prezidentimizi sidq ürəklə sevirəm, ona dərin hörmət bəslə­yi­rəm. İstəməzdim ki, onun adından Prezident Administrasi­yasından gələn qanunlarda belə anlaşılmazlıqlar olsun və ən əsası da bu dəyişikliklər gələcəkdə işləməsin. Mənə belə gəlir ki, bu cərimələr işləməyəcək. Təkrar edirəm, siz bunun icrasını necə təsəvvür edirsiniz? O insanları qəbiristanlıqda, palatkalarda tutacaqsınız və onların diplomlarından hali olacaqsınız? Bu çox çətin və mənəvi bir məsələdir. Ona görə xahiş edirəm, bu məsələlərə aydınlıq gətirilsin. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Musa Qasımlı.

M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkil­ləri! Mükəmməl təqdimata görə hörmətli Əli müəllimə tə­şək­kürümü bildirirəm. Təqdim edilən dəyişikliklərin lehinə səs verəcəyəm. Hesab edirəm ki, bu dəyişikliklər ölkəmizdə aparılan və getdikcə dərinləşən islahatların bir nümunəsidir və eyni zamanda, ölkəmizdə dövlətlə din münasibətlərinin tənzimlənməsi sahəsində ciddi bir addımdır. Qeyd olunan dəyişiklik dindarlarımızın hüquqlarının pozulması deyil, əksinə, Azərbaycan vətəndaşı olan dindarların hüquqlarının qorunması baxımından əhəmiyyətə malikdir. Bu təklif din sahəsində olan boşluqları dolduracaq və qayda-qanun yara­dacaq.

Heç kəsə sirr deyil ki, ölkəmizdə dindarlar üzərində nüfuz qazanmaq, dini şəraiti öz nəzarəti altına almaq istəyən bəzi ölkələr və qüvvələr var. Amma hesab edirəm ki, Azərbay­canda dindarlara və dini şəraitə Qafqaz Müsəlmanları İdarəsi və bizim dini komitə tərəfindən nəzarət olmalıdır və başqa ölkələrin bu işlərə müdaxiləsinin qarşısı qətiyyətlə alınmalı­dır. Bu dəyişikliklər çox müsbətdir, amma hesab edirəm ki, bu dəyişikliklərin həyata keçirilməsi üçün biz bəzi addımlar atmalıyıq. Nələri edə bilərik?

Birinci, biz Bakı İslam Universitetini gücləndirməliyik, onun beynəlxalq əlaqələrinin genişlənməsini təmin etmə­liyik.

İkinci, radio və televiziyalarımızda maarifçilik işlərinin aparılmasına böyük ehtiyac duyulur.

Üçüncü, hesab edirəm ki, bizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dini maarifləndirmə sahəsində müəyyən proqramlar həyata keçirə bilərlər. Bu bizim ümumi işimiz baxımından əhəmiyyətli olar. Mən bu dəyişiklikləri əhəmiy­yətli hesab edirəm. Bu, Azərbaycan dövlətinin daha da güc­lənməsinə, dindarlarımızın xarici təsirlərdən azad olmasına gətirib çıxaracaq. Birmənalı şəkildə qeyd olunmalıdır ki, artıq bu gün islamın vahid mərkəzi yoxdur. Ona görə də biz İslam dininin elmi baxımdan öyrənilməsinə və təbliğinə müvafiq qurumlar tərəfindən diqqətin artırılmasını təşviq etməliyik və beləliklə də, öz dindarlarımızı xarici təsirlərdən qorumalıyıq. Mən bu dəyişikliklərə səs verəcəyəm. Diqqə­tinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Kamilə Əliyeva.

K.Əliyeva. Çox sağ olun, cənab Sədr. Mən də Azərbay­can Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri dəstəkləyirəm və bunların lehinə səs verəcə­yəm. Həmkarlarımı da bu dəyişikliklərin lehinə səs verməyə çağırıram. Bununla yanaşı, bu qanun layihəsindəki bir sıra məqamlara öz fikrimi bildirmək istərdim.

300.0.1-ci maddədə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi qanunvericiliyin pozulması kimi qeyd olunur. Bu, 300.0.2-ci maddə ilə ziddiyyət təşkil edir, çünki burada yazılır ki, İslam dininə aid ayin və mərasimlərin Azərbaycan Respublikasından kənarda dini təhsil almış vətəndaşlar tərə­findən həyata keçirilməsi qanun pozuntusudur. Onda aydın olmur ki, nəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikasından kənarda dini təhsil almaq üçün göndərilən vətəndaşlara İslam dininə aid ayin və mərasimləri idarə etməyə icazə verilmir. Mənə elə gəlir ki, 300.0.2-ci maddəyə “müvafiq icra hakimiyyəti tərəfindən göndərilən vətəndaşlar istisna olmaqla” sözləri əlavə olun­malıdır.

Bir də, 300.0.4-cü maddəyə öz fikrimi bildirmək istəyi­rəm. Burada qeyd olunur ki, əcnəbilər və vətəndaşlığı olma­yan şəxslər tərəfindən dini təbliğatların aparılması qanun pozuntusudur. Mənə elə gəlir ki, nəinki əcnəbilər və vətən­daşlığı olmayan şəxslər, hətta qanunvericiliklə fəaliyyətinə icazə verilməyən Azərbaycan Respublikası vətəndaşları tərə­findən də dini təbliğatın aparılması qanun pozuntusu kimi qeyd olunmalıdır. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Hikmət Atayevin sualı var. Buyurun.

H.Atayev. Çox sağ olun, Oqtay müəllim. Mənim qısa bir sualım var, istərdim, aydınlıq gətirilsin. Azərbaycanda dini mərasimlərin keçirilməsi qaydalarını müəyyənləşdirən vahid bir sənəd varmı? Əgər yoxdursa, yaxşı olmazdımı, birinci o sənəd hazırlansın? Mən, məsələn, Zaqatalada yaşayıram. Ora­da, əsasən, müsəlmanlar yaşayırlar. Ancaq rayonda müx­təlif millətin nümayəndələri də var. Hər kəndin öz mərasim keçirmə qaydaları var. Mən elə bilirəm, vahid sənəd olsaydı, onda tələb etmək olardı ki, o sənədə riayət etsinlər. Sağ olun.

Sədrlik edən. Çingiz Qənizadə.

Ç.Qənizadə. Hörmətli həmkarlar, Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı həm komitənin iclasında, həm də bugünkü plenar iclasda belə fikirlər səsləndi ki, guya biz dinə, dini etiqada və dindarlara qarşı hər hansı bir formada qanun qəbul edirik. Mən bu fikirlərə aydınlıq gətirmək üçün 167-ci maddənin adını oxumaq istəyirəm: “Dini ayinləri icra etməyə mane olma”. Yəni burada dövlət dini ayinlərin icra edilməsinə mane olan şəxslərə cəza nəzərdə tutub. Bu onu göstərir ki, dövlət dinin qayğısına qalır. Düzdür, Konstitusi­yada yazılır ki, din dövlətdən ayrıdır. Amma bu o demək deyil ki, ölkədə din pərdəsi altında siyasi təşkilatlar yaran­sın, ekstremizm ideyaları təbliğ olunsun, dövlətçiliyə və döv­lətə qarşı ədəbiyyat yayılsın. Bax, bu halda dövlət mey­dana çıxmalı, mübarizəni sivil və qanuni formada aparmaq üçün müvafiq qanunlara əlavə və dəyişikliklər etməlidir. O baxımdan mən bir daha qeyd edirəm ki, bu qanuna edilən dəyişikliklər heç də dinə qarşı deyil, törədilə biləcək cina­yətkarlığın qarşısını almaq üçün dövlətin gördüyü tədbirlər­dən biridir. 167-1-ci maddədə sanksiyaların və cəzaların artı­­rılması dediyim fikirlərin təzahürüdür.

Eyni zamanda, mən 167-2-ci maddəyə təklif olunan əlavə və dəyişiklikləri müdafiə etməklə bərabər, bir məsələni də qeyd etmək istəyirəm. Bu “yayma” məsələsini komitənin iclasında da dedim. “Yayma” müxtəlif formalarda ola bilər. Hər bir vətəndaşın şəxsi arxivində olan ədəbiyyatı bəlkə də bu qanunu bilməməsindən öz kəndlisinə, öz qohumuna oxu­maq üçün verməsi də “yayma” kimi qiymətləndirilə bilər. Bu baxımdan gələcəkdə hər hansı bir məmur, vəzifəli şəxs tərəfindən vətəndaşların təzyiq altında qalması halları ola bilər. Bunları nəzərə alaraq “yayma” məsələsinin şərhi veril­sə, daha yaxşı olardı.

Mən İnzibati Məcəlləyə edilən dəyişikliyi də Cinayət Mə­cəlləsinin tərkib hissəsi kimi dəyərləndirirəm. Məndən əvvəl çıxış edən həmkarlarımın 300.0.2-ci maddəyə bəslədikləri münasibəti təkrar etmək istəyirəm. Burada bir balaca redaktə xarakterli düzəliş etmək, müəyyən cümlələri bura salmaq lazımdır. Doğrudan da, “Azərbaycan Respublikasından kə­nar­da” dedikdə yadda saxlamalıyıq ki, hələ sovet dövründə, müstəqilliyimizin ilk illərində təhsil almış insanlar var. Artıq onların fəaliyyəti də şübhə altına alına bilər.

Belə hesab edirəm ki, həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə edilən dəyişikliklər olduqca labüddür. Niyə? Çünki bu gün heç kimə sirr deyil ki, Azər­baycanda din pərdəsi altında başqa dövlətlərin müəyyən çir­kin siyasi məqsədləri var. Ən azı “Səhər” kanalı ilə İran döv­lətinin Azərbaycandakı ictimai-siyasi proseslərə bu və ya digər formada təsir etməyə cəhd məqamları onu göstərir ki, din pərdəsi altında Azərbaycana qarşı müəyyən işlər görülür. Bunun qarşısını ala bilmək üçün mütləq ağırlaşdırılmış qa­nunlarımız olmalıdır. Bu gün biz onlardan bir neçəsini qəbul etmək istəyirik. 300.0.4-cü maddə əgər əvvəllər inzibati qay­dada cəzalandırırdısa, artıq bu gün edəcəyimiz əlavə və də­yi­şikliklərlə bu, birbaşa cinayət əməli hesab olunacaq. Ha­mıya məlumdur ki, küçələrdə, metroların qarşısında, dini mə­rasimlər keçirilən yerlərdə qanunsuz ədəbiyyat insanlara pulsuz paylanılır. Bəzən də pulla satılır. Bu kitabçaları araş­dırsan, burada İslam dininə və Azərbaycan dövlətinə zidd olan nə isə tapmaq olar. Din tiryək kimi bir şeydir. O ba­xımdan hesab edirəm ki, bu ədəbiyyat lazımi yerlərdə, nəza­rət altında satılmalıdır. Buna görə mən hər iki məcəlləyə edilmiş əlavə və dəyişiklikləri nəinki müdafiə edirəm, həm də həmkarlarımı dövlətçilik və Azərbaycanda əsl islamın reallaş­ması naminə ona səs verməyə çağırıram. Təşəkkür edirəm.

Sədrlik edən Çox sağ olun. Rafael Cəbrayılov.

R.Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hör­mətli millət vəkilləri! Bu layihə bizim komitə tərəfindən tövsiyə olunub. Ona görə bu layihənin qəbul olunmasına səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə dəvət edirəm.

Mənim texniki xarakterli bir iradım var. Cinayət Məcəl­ləsinin 167-1.1 və 167-1.2-ci maddələrinin sanksiya hissələ­rinə nəzər yetirsəniz, görərsiniz ki, hər ikisində eynidir. Bu­na, yəqin, Əli müəllim də nəzər yetirər. Bu, texniki bir yan­lışlıqdır. Burada cərimənin minimum həddi 3 min, maksi­mum həddi 5 minə qədərdir. Hər iki maddədə belədir. Bu şəkildə maddələr ola bilməz. Əgər sanksiyalar eynidirsə, təbii ki, iki dispozisiyanın bir dispozisiyada birləşdirilməsi zərurəti meydana çıxar. Ona görə onu bu şəkildə saxlamaq olmaz. Birinci hissədə, səhv etmirəmsə, 2 mindən 4 min manata qədərdir. Bu, texniki bir anlaşılmazlıqdır.

Bundan başqa, hörmətli həmkarlarımın respublikadan kə­narda təhsil almış insanlara İslam dininin ayin və mərasim­lərini keçirməyə qadağa qoyulmasını insan hüquqlarının po­zulması kimi təqdim etmək cəhdləri oldu. Mən düşünü­rəm ki, bu, insan hüquqlarının pozulması deyil, onun məh­dud­laşdırılmasıdır ki, buna Konstitusiya da icazə verir. On­suz da bir çox kateqoriyadan olan insanlar, peşə sahibləri, mə­sələn, prokurorluq, məhkəmə, xüsusi xidmət, ordu siyasətə qarışa bilməzlər. Bu qanunla bu kateqoriya insanların bu işlə məşğul olması qadağan edilir. Yəni bu qəbildən olan insan­lara İslam dininin ayin və mərasimlərini həyata keçirməyə icazə verilməməsi insan hüquqlarının pozulması yox, hüqu­qun məhdudlaşdırılmasıdır ki, buna Konstitusiya özü icazə verir.

Bundan başqa, bugünkü söhbətin predmeti olmasa da, mə­nim belə bir təklifim var. Bu fəaliyyətin adı dini fəaliyyət olsa belə, buna dövlət nəzarətinin ən yaxşı forması lisenziya­laşdırmadır. Niyə dinlə məşğul olan insanlara, məsələn, mol­lalara lisenziya verilməsin? Bu şəkildə onların dini əqidəsinə nəzarət etmək daha asan olacaq. Təbii ki, hər birimiz ma­raqlıyıq ki, Azərbaycan cəmiyyətinə radikal islamçılar daxil olmasınlar. Bunu hər birimiz istəyirik. Amma məsələni bu şəkildə qoymaqdansa, yəni respublikadan xaricə müvafiq icra hakimiyyəti tərəfindən göndərilənlərin bir hüququ, gön­dərilməyənlərin başqa bir hüququnun olmasındansa, bu daha yaxşıdır. Düşünürəm ki, onlar attestasiyadan keçəcək və Qaf­qaz Müsəlmanları İdarəsindən müvafiq lisenziyanı alacaqlar. Onda onların dini əqidəsi, dövlətçilik mövqeyində durub-durmaması aydın olacaq. Yəni bu mənim təklifimdir. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Ay Rafael müəllim, Siz bu komitənin üzvüsünüz, sənədlərdə də Sizin imzanız var. Belə təklifləri komitədə müzakirə eləyin. Təzədən burada eyni şeyləri tək­rar­layırsınız. Mövqe məlumdur, çıxış eləmək istəyənlərdən xahiş edirəm, qısa danışsınlar. Qənirə Paşayeva.

Q.Paşayeva. Çox sağ olun, cənab Sədr. Əslində, mən də buradakı bəzi məsələləri dəstəkləyəcəyəm, ancaq bir qismi ilə bağlı da fikrimi irəli sürmək istəyirəm. Birinci, mən hesab edirəm ki, bunların bəziləri çox yerində qaldırılmışdır. Çox təəssüf ki, Azərbaycanda əvvəllər bu sahədə yaşa­ma­dığımız bəzi problemlər yaşayırıq. Bir zamanlar bu ölkədə insanlar bir-birlərindən sünni və ya şiə olduqlarını belə soruşmurdular, məscidlərimiz də ayrılmamışdı. “Allahın məscididir” deyib sünnisi də, şiəsi də, hər bir insan gedib namazını qılır, dini ibadətlərini yerinə yetirirdi. Amma indi kənar təsirlər nəticəsində çox mənfi bir hal yaranıb. Hətta təriqətlərin məscidləri yaranıb. Hər bir təriqət artıq çox güclənibdir. Təriqətlərin güclənməsi, hesab edirəm ki, Azər­bay­can üçün müsbət yox, ancaq mənfi hadisələr vəd edir.

Azərbaycanda təriqətlərin bu cür güclənməsinin bir çox səbəbləri xarici ölkələrin dini təhsil ocaqlarında özlərinin müridlərini hazırlamaları ilə bağlıdır. Yəni özlərinin ideolo­giyalarına, düşüncə tərzlərinə, klassik islama aidiyyəti olma­yan təriqətlər üzrə insanlar hazırlayırlar, sonra da ölkəyə göndərirlər. Çox təəssüf ki, uzun müddət bu sahəyə nəza­rətin olmaması nəticəsində bir çox ölkələrdə zərərli təriqət ocaqlarında yetişmiş insanlar Azərbaycanda zərərli fəaliy­yətlərini davam etdirirlər. Bunlar həm dinimizin adına ləkədir, həm də insanlarımıza çox böyük zərər vurur. Ona görə şəxsən mən də razıyam ki, gənclərimizin gedib hər dini təhsil ocağında təhsil almalarına mane olmalıyıq. Söhbət ondan getmir ki, biz xaricdə dini təhsilin qarşısını alırıq. Burada, maddədə çox açıq şəkildə göstərilib ki, müvafiq orqanın razılığı olmalıdır.

Dünyada elə dini məktəblər, universitetlər var ki, onlar dini normal şəkildə öyrədirlər və orada təhsil alan gənclər hansısa təriqətlərin müridlərinə çevrilərək sonra gəlib ölkədə zərərli fəaliyyətlərlə məşğul olmurlar. Sırf dinimizi öyrənir­lər və gəlib dini də normal şəkildə insanlara çatdırırlar. Təbii ki, gənclərin gələcəkdə belə mərkəzlərdə təhsil almaları üçün imkanlar var və müvafiq icra orqanları da buna icazə verəcəklər. Bəli, gənclərin hər yerdə, hər bir ölkədə dini təhsil almalarının qarşısına sədd qoyulmasına mən də tərəf­daram. Çünki onların bir çoxu, yenə vurğulayıram ki, özləri üçün burada sabah çirkin fəaliyyətlərini yerinə yetirmək üçün nümayəndələr də hazırlayıb göndərirlər. Biz keçmiş həyatımızda da və bu gün də bunun bəzi örnəklərini görü­rük. Amma təbii, belə qəbul etmək lazım deyil ki, xaricdə dini təhsilin qarşısı tamamilə alınır. Xeyr. Dövlətin icazə verdiyi universitetlərdə, dini məktəblərdə dini mütəxəssis­lərimizin daha da təkmilləşdirilməsi üçün imkan yaratmaq lazımdır.

İkinci, buradakı dəyişikliklərlə bağlı bəzi məsələləri vur­ğu­layacağam. 300.0.1-ci maddədə “müvafiq icra hakimiy­yəti orqanları ilə razılaşdırmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsinə, din xadimlərinin mübadiləsinə görə” məsuliyyət nəzərdə tutulur. Amma həmin maddənin 2-ci bəndində müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan dini təhsil alan vətəndaşlardan söhbət gedir. 300.0.2-ci maddədə deyilir: “İslam dininə aid ayin və mərasimlərin Azərbaycan Respub­likasından kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinə görə”. Onda bir ziddiyyət yaranır. Belə çıxır ki, dövlətin müvafiq qurumunun razılığı ilə də xaric­dəki dini universitetlərdə, məktəblərdə təhsil almış insan­ların həmin ayinləri keçirmələri qadağan ediləcək. Biz bu­nun konkret sərhədlərini aydınlaşdırmalıyıq. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan, yəni 300.0.1-ci mad­dədə göstərildiyi kimi, xaricdə dini təhsil alanlardan söhbət gedir. Əgər şəxs razılaşdırılaraq təhsil almışsa, bu qadağalar tətbiq olunmayacaq. 300.0.2-ci maddədə ümumi verilir. Belə çıxır ki, bu hamıya aid olacaq.

Daha bir məsələni vurğulamaq istəyirəm. Əli müəllim bu məsələni konkretləşdirsə, yaxşı olar. Bayaq Elmira xanım da bu məsələni vurğuladı. İndiyə qədər xarici ölkələrdə dini təhsil almış insanlar içərisində zərərli fəaliyyətlə məşğul olanlar da var. Amma kifayət qədər savadlıları, ağıllıları da var. İndi bizim onların hamısına belə qadağa qoymağımız müəyyən problemlər yarada bilər. Bəlkə bu məsələdə bir ortaq nöqtəyə gəlmək lazımdır. Zərərli, qanunsuz fəaliyyətlə məşğul olanlarla bağlı məsələləri ortaya qoyaq. İnsan indiyə qədər qanunvericilikdə belə bir qadağa olmayıb, insanlar oxuyublar. Onların içərisində savadlıları, dövlətin qanunla­rı­na hörmət edənləri də, zərərli fəaliyyətlə məşğul olmayanları da var. Bu qadağa bir problem, ziddiyyət yaratmayacaq? Bu­nunla bağlı hansısa bir ortaq nöqtə tapmaq olarmı? Hidayət müəllim də buradadır. Bir çıxış nöqtəsi tapılacaqmı?

Mən burada bir məsələyə də toxunmaq istəyirəm. Biz xaricdə dini təhsil alanlardan bəhs edirik. Mən özüm də bir rayonu təmsil edən millət vəkiliyəm. Yaslarda, müxtəlif dini mərasimlərdə oluruq. Ölkəmizin ən böyük problemlərindən biri ondan ibarətdir ki, ümumiyyətlə, heç bir təhsili olmayan insanlar bu dini mərasimlərdə, ayinlərdə iştirak edirlər. İnsanın heç bir təhsili yoxdur, biri həbsxanadan çıxıb, biri iş tapmır. İndi olublar dini xadim və bu mərasimlərdə iştirak edirlər. Bu məsələnin də ciddi şəkildə üzərinə düşməliyik. Onlar daha zərərli işlərlə məşğul olurlar. Heç bir təhsili olmayan şəxslər dini təbliğat aparırlar.

Bir məsələni də vurğulamaq istəyirəm. Bunu mən mütə­rəq­qi bir dəyişiklik hesab edirəm. Bəli, əcnəbilər və vətən­daşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılma­sına görə məsuliyyətin sərtləşdirilməsinə çox ehtiyac var. Bu gün müxtəlif təriqətlər, cərəyanlar müxtəlif dinlərin adı al­tın­da Azərbaycanda çox geniş şəkildə təbliğat aparırlar. Bu­nun qarşısının alınması üçün mövqelər daha da sərtləşdiril­mə­lidir. Mən ümid edirəm ki, bu maddənin həyata keçiril­məsi daha da sərt olacaq. Vətəndaşlığı olmayan şəxslər, əc­nəbilər din pərdəsi altında hər cür təbliğat aparırlar, mate­rial­lar, kitablar yayırlar. Bunların qarşısının alınması tədbir­ləri daha da sərtləşdirilməlidir, çünki bu da Azərbaycan cə­miyyətində çox ciddi problemlərin əsasını qoya bilər. Sağ olun.

Sədrlik edən. Mən xahiş edirəm ki, çalışın, qısa çıxış edin, amma daha geniş çıxış edirsiniz. Qənirə xanım, Siz deyirsiniz ki, təhsili olmayan insanlar dini mərasimlər apa­rır­lar. Bunun günahı da özümüzdədir. Hər bir rayonda, hər bir yerdə məscidlər, mərkəzlər var. Niyə hər kəs gedib ora­dan adam dəvət etmir, küçədən keçən bir adamı dini məra­simə gətirir? Onları dəvət edən də bizik, onları sıradan çıxar­maq üçün dini mərkəzlərə müraciət etmək lazımdır ki, dini ayinləri əsl din adamları yerinə yetirsinlər. Bunun günahı kimdədir? Zahid Oruc.

Z. Oruc. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkar­lar! Əlbəttə, mən də bu qanun layihəsini müdafiə edən­lərdənəm. Bu qanun layihəsi ölkəmizdə dini təhlükəsizliyin qorunmasına xidmət edən mühüm müddəaları özündə ehtiva edir. Biz niyə bioloq, iqtisadçı hazırlanması üçün xaricə gön­dəririk, amma din məsələsi üzərində bu qədər tərəddüd­lər edirik. Bunun da çox sadə səbəbi var, çünki biologiya üzərində siyasi ekspansiyalar qurmaq xeyli çətindir. Bir öl­kə­nin siyasi modelini ixrac etmək çətindir. Amma din yüz illər boyu bir ölkənin başqasına qarşı əsarət siyasətinin ən mühüm silahı olubdur və hazırda da bundan istifadə etmək­dədirlər. Belə bir siyasət də həmin maraqları ifadə edir. Məsələn, islamafobiya da islam sevərlər qədər təhlükəli bir cərəyana çevrilib. Ona görə düşünürəm ki, Azərbaycan dini sahədə həyatını tənzimləmək üçün zaman-zaman “Dini eti­qad azadlığı haqqında” Qanunda tənzimləmələr aparacaqdır.

Əlbəttə, dini mövhumat savadsız din xadimləri, mollalar olan yerdə var. Mən bunu ümumi nəzəri fikir kimi deyirəm, Azərbaycan təcrübəsinin əyani ifadəsi kimi demirəm. Həm də ona görə ki, belə bir statistika, doğrudan, yoxdur. Azər­baycanda nə qədər din xadimi var? Quranı, digər dinləri pe­şə­kar səviyyəsində mənimsəmiş şəxslər cəmiyyəti aparıcı ideyalarla zənginləşdirə bilərlər. Mən, doğrusu, belə bir sta­tis­tikanı heç vaxt görməmişəm. Dini təhsil alan şəxslər çox olsalar da, cəmiyyətdə öz nüfuzuna, dini mövqeyinə görə aparıcı fikirləri ilə seçilən din xadimi minlərlə, bəlkə də heç yüzlərlə də deyil. Biz çox arzulayırıq ki, belə şəxslər olsun­lar. Əgər belə olarsa, onda kənardan təhsil alıb Azərbaycana gəlmiş şəxslər ölkə maraqlarına zərbə vurmaq gücündə olmayacaqlar.

Biz niyə deyirik ki, onlar Qum şəhərinə gedib oradan da özləri ilə bərabər İranın modelini gətirirlər? Həm də ona görə ki, onların qarşısına çıxacaq din xadimlərimiz çox böyük elmi biliyə, dini ayinlərin icrası, şərhi və sair gücünə malik deyildirlər. Mən hər bir din adamına hörmətlə yanaşı­ram. Allah da şahiddir ki, onları müxtəlif mərasimlərdə gö­rəndə də xoş münasibətimizi göstəririk. Amma sovet dö­nə­mindəki ateist cəmiyyətinin mollaya münasibətini bu insan­lar özləri dəyişə bilərlər. Onları özləri gərək bu addımı atsın­lar, buna qadir olsunlar. İndi burada çox səslənir ki, nədən savadsız mollalar müxtəlif məclislərimizin başında əylə­şirlər? Ona görə ki, savadlı mollalarımızın çoxunun müəy­yənləşdirilmiş qiymətləri var. Söhbət Qurandan, onun ayə­lərindən, surələrindən getmir.

Dini sahədə böyük islahatlar aparılmasa, cəmiyyəti böyük mənada irəliləyişə aparmaq mümkün olmayacaq. Bu isla­hatlar mütləq aparılmalıdır ki, qəbiristanlığın təbəqələşmə­sindən tutmuş məclislərimizin təbəqələşməsinə qədər bunlar getməsin. Yaxın adamını itirən şəxs bu sahə ilə bağlı in­sanlardan öz faciəsinə, fəlakətinə, itkisinə hörmət görsün, son mənzilə yolasalma prosesi normal olsun. Amma hamı­mız gö­rürük ki, əslində, millətimizi müflisləşdirən, ərzaq təhlükə­sizliyinə zərbə olan, fərqlər yaradan, adamları özlə­rini yaxşı hiss etməyə qoymayan hadisələr baş verir, biz isə bunların iştirakçıları oluruq. Bu mənim fundamental münasi­bətimdir.

Əlbəttə, kənardan gələnlər Azərbaycan bayrağının rəngini bir rəngə bürümək istəyirlər. Bu bayrağı yaradanlar da, onu dövlətin simvolu kimi qəbul edənlər də onu, sadəcə, bir rəng kimi seçməyiblər. Üç rəng dövlətin üç fundamental siyasə­tini əks etdirir. Həmin rənglər, sadəcə, bir simvolika deyil­dir. Bu, dövlətin fundamental siyasətində, kursunda da özü­nü gös­tərməlidir. Bizə dini ixrac etmək, yaşıl inqilab törət­mək, bir kəndin miqyasında uzun müddət Azərbaycan qa­nunlarının işləməsinə mane olan, sərhəd bölgələrində öz bos­tanındakı kimi təbliğat aparan, buradakı insanlarla öz vətəndaşları kimi davranmaq istəyənin İran olduğu hər kəsə bəllidir. Amma onlar unudurlar ki, Azərbaycan insanı sivil­dir, mövhumata çox da meyilli deyil. Yetər ki, ağıllı, elmi, dini təbliğat aparasan. Ona görə düşünürəm ki, bu sənəd işləyəcək.

Çox şübhəli münasibətlər var idi ki, bu müddəaları necə tətbiq edəcəyik? Mərasimdən mollanı çıxaracağıq ki, sən xaricdə təhsil almısan? Diplomunamı baxacağıq? Mən də belə fikirdəyəm ki, bu sahə lisenziyalaşdırılmalıdır. Niyə “lisenziya” sözü ticari, iqtisadi xarakter daşıyır? Dini sahədə də münasibətləri qanuniləşdirmək lazımdır. Hamı bilsin ki, filan şəxsin din sahəsində fəaliyyət göstərməsi üçün dövlət tərəfindən verilən lisenziyası var. İqtisadi sahə ilə müqayisə etsək, VOEN almaq kimi bir məsələyə çevriləcəkdir. Mən düşünürəm ki, dövlətin bu addımları yerindədir, kimsə bunu dini sahəyə basqı saymasın, nəzarət hesab etməsin. Azərbaycan sivil dövlət quruluşu modelinə uyğun olaraq din sahəsində tənzimləmə aparmaqda tamamilə haqlıdır. Mən bu sənədə səs verəcəyəm. Sağ olun.

Sədrlik edən. Nizami Cəfərov.

N. Cəfərov. Oqtay müəllim, çox sağ olun. Müdrik bir mü­səlman filosofunun yaxşı bir sözü var. Deyir: “Məhəm­məd Peyğəmbər bu gün dirilib gəlsə, öz qoyduğu dini tanımaz”. Bunu təsadüfi adamlar deməyiblər. Həqiqətən də, hər dəfə dinə müəyyən ideoloji, ruhani bir qayda-qanun mövqeyindən, tex­no­logiyalardan yanaşmaq ehtiyacı var. Qanunvericilik sə­viy­yəsində İslam dini ilə bağlı müəyyən prinsipləri müəyyən­ləşdirərkən kim isə düşünə bilər ki, bu bir məhdudiyyət yara­dır. Elə deyil. Əslində, elə bu qanunda da, dini sahə ilə bağlı qanunvericiliyimizdə də belə müddəalar olmalıdır. Dünya döv­lətlərinin qanunlarında belə müddəalar var. Məsələ bura­sın­dadır ki, həm dini qorumaq, həm də dinlə dövlət arasındakı münasibətləri qaydaya salmaq lazımdır. Çünki din məsələsi, sadəcə, bir elm, bir bilik deyil. Din ruhaniyyət, ruh, mənə­viyyat məsələsidir. Belə hallarda da qanun dəqiqlik tələb edir. Bu isə mümkün deyil. Burada hərfi dəqiqlik mümkün olma­yacaq. Amma ümumi prinsip, baxış qaydasında olmalıdır. Hətta dövlət əleyhinə yönəlməsə belə, müəyyən təbliğatlar qadağandır.

Adi bir misal. Biz hamımız yolla, maşın ilə gedirik, mü­səl­man müqəddəslərinin, çox hörmət etdiyimiz insanların şəkillərini cavan uşaqlar zorla maşında adama verirlər. Belə olmaz, bu artıq qadağan olunmalıdır. Bunu təşkil eləyənlər, belə bir struktur yaradanlar, ticarət mərkəzi yaradanlar var. Təbii, bunun dövlətə bir ziyanı yoxdur, siyasi akt deyil. Am­ma dinimizə və müqəddəslərimizə yaxşı münasibət deyil. Bu mənada belə işlər qadağan olunmalıdır.

Hörmətli şeyximiz Allahşükür Paşazadənin din xadimləri­nə yaxşı bir müraciəti var idi. Yas mərasimlərini aparanlara deyirdi ki, sənin vəzifən məclisdə oturub mollalıq etməkdir, siyasətdən, insan həyatını qurmaqdan, elmlərdən danışmaq lazım deyil. Azərbaycanın istənilən yas məclislərində elm adamları, yüksək səviyyəli insanlar iştirak edirlər. Bəzi mol­lalar həmin məclislərdə məsələyə aidiyyəti olmayan uzun bir söhbət başlayırlar. Molla ancaq ayini icra etməlidir. Hör­mətli şeyximiz Allahşükür Paşazadənin bu təklifi çox ciddi bir məsələ idi. Bunları nəzərə almaq lazımdır.

Biz indi bu məsələyə qanunvericilik səviyyəsində yanaşı­rıq. Burada xalqın maraqları müdafiə olunur. Dövlət xalqın maraqlarını, birgə yaşayış normalarını, xalqın proqressiv in­ki­şafını təmin etmək üçündür. Bu mənada qanunvericiliyi­mizdə dinlə, ruhaniyyətlə bağlı müddəalar xalqın maraqları səviyyəsində olan bir məsələdir. Tez-tez din – dövlət möv­qeyini qoymaqla məsələni həll etmək mümkün deyil. Dində fitvaya əsaslanan məqamlar var. Son vaxtlar hörmətli Hida­yət müəllimin rəhbərliyi ilə bu işlər gedir. Bizim ruhaniləri­miz bilikli olmalıdırlar. Bizim ruhanilərimiz ruhən, mənən zəngin olmalıdırlar.

 Klassik ruhaniyyət prinsiplərinə uyğun olaraq onların da öz məktəbləri var, həmin məktəblərdə təriqət də təriqət idi. Təriqət dini dərk etmək üçün bir mərhələ idi, amma indi təriqətlər bisavad texnologiyalar üzərində qurulur. Mən çox şadam ki, son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Ko­mitəsi artıq akademik jurnal çap edir. Burada deyildi ki, müəyyən statistika guya yoxdur. Siz həmin jurnalı vərəqlə­səniz, görərsiniz ki, Azərbaycanda gedən dini proseslər haqqında təhlillər aparılır. Azərbaycanda xristianlığın da ən­ə­nəvi təriqətləri var və ənənəvi olmayan təriqətlər var. Qaf­qaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu işləri davam etdirmirlər. Doğru deyirdilər ki, ateizmdən birbaşa dindarlığa qədər məsafəni ağılla keçmək çox çətindir.

Mən də bununla razıyam ki, xaricdə dini təhsil almaq olar, amma bunun üçün Dini Qurumlarla İş üzrə Dövlət Ko­mitəsinin və yaxud Qafqaz Müsəlmanları İdarəsinin xüsusi komissiyaları olmalıdır və onlar gəncləri oxumağa göndər­mə­lidirlər və nəzarət etməlidirlər. Çünki din fizika, kimya deyil ki, dünyanın harasında istəsən, eyni cür öyrədilsin. Burada ruh öyrənilir, təlqin var. Sabah bir dindar fitva verə­cək ki, azərbaycanlı cavanlara silah götürmək qadağan olu­nur, onda axırımız nə olacaq? Yaxud texniki ədəbiyyat oxu­maq qadağandır, çünki şeytan əməlidir. Belə şeylər ortaya çıxa bilər. Mən də istərdim ki, biz bu dəyişikliklərin pozitiv, müsbət mahiyyətini hiss edək. Fazil Mustafa deyir ki, me­xaniki şəkildə səs verməyəcəyəm, burada məhdudiyyət var. Hansı məhdudiyyət var? Biz həmişə gərək nəzərə alaq ki, dində kütləvilik başlayır. Kütləvilik olanda dinin əsl mahiy­yəti, ruhani, mənəvi mahiyyəti itir. Diqqətinizə görə təşək­kür edirəm. Təbii ki, çox gözəl dəyişikliklərdir və bunlara səs vermək lazımdır.

Sədrlik edən. Aqil Abbas.

A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Mən iki kəl­mə deyəcəyəm. Bu müzakirələrə 10 dəqiqə çoxdur, 5 dəqiqə bəs idi. Məsələ nədir? Bu gün çox ciddi bir layihə qəbul olunur. Çox vacib bir qanun qəbul olunur. Fazil müəllim də müəyyən məsələləri dedi. Məsələ ondadır ki, Avropa bizə o qədər tolerant deyib, qoltuğumuza qarpız verib ki, həddin­dən artıq tolerant olmuşuq və Azərbaycanı dini poliqona çevirmişik. Azərbaycanda nə qədər deyirsiniz dini təriqətlər yaradıblar. Təkcə İslam, xristian yox, bütpərəstlikdən tutmuş qeyri dinlərin də təriqətləri var. Artıq müsəlmançılıqdan çıx­mışıq, biz sovet dövründə daha çox müsəlman idik, İslama, məscidə, Allaha daha çox bağlı idik, nəinki indi. İndi Azər­baycanda İslam yoxdur, təriqətlər, dinlər var.

Oqtay müəllim, mən yazıçıyam, jurnalistəm, mətbuatda çıxış edirəm. Prezidentin, dövlətin, Milli Məclisin əleyhinə nə istəyirsiniz yaza bilərsiniz, sizə o qədər reaksiya vermə­yə­cəklər. Hansısa dinin əleyhinə bir kəlmə söz desəniz, məktəbdə hicabı qəbul etməsəniz... Mən televiziyada çıxış edirəm ki, məktəbdə hicab ola bilməz, mənə yüzlərlə hücum olur, yüzlərlə məktublar aldım. Təkcə mən yox, başqaları da o cümlədən. Məktəbdə məktəbli geyimi olmalıdır. Sözüm nədir?

Azərbaycanda dindən çox pis istifadə olunur. Bu qanun çox ciddi qanundur. Hətta bunu bir az da sərtləşdirmək la­zımdır. Azərbaycanı poliqonlara çevirənlərə, Azərbaycanın dinindən istifadə edib iranlı bir ayətullah Azərbaycan Prezi­dentini, Azərbaycanı təhdid edirsə, bu nəyin hesabına­dır? Burada yaratdıqları poliqonların hesabınadır. Bir küçə adamı Azərbaycan Prezidentini və Azərbaycan dövlətini təhdid edir. Niyə? Çünki hətta Milli Məclisdə bizim dostlar deyirlər ki, dini məhdudlaşdırmaq olmaz. Dini dövlət qurmamışıq, biz sivil dövlətik, dinimiz, Allahımız, Peyğəmbərimiz var, hətta mən şiəyəm, Həzrəti Abbasa and içirəm. Amma söhbət ondan gedir ki, bu dərəcədə yaymaq, meydan açmaq olmaz, Gövhər xanım çox gözəl dedi, qardaşım, biz sivil dövlətiksə, müəyyən qanunlarımız var.

Bir dəfə mən bunu demişdim, mənə hücum etdilər, təkcə İmişlidə bir ildə 13 məscid tikmişdilər, bir uşaq bağçası tikməmişdilər. Qurban olum Allaha da, məscidinə də. Allah məsciddəmi yaşayır? Xeyr, Allah məktəbdə yaşayır, təhsil yerlərində, Allah bizim ürəyimizdə yaşayır, Allah hər yer­dədir. Çingiz xanın məşhur bir sözü var. Məscidə atla gi­rir, ona deyirlər ki, sən Allah evinə atla girmisən. Cavabında deyir: mən bilmirdim ki, o boyda Allah bu boyda evdə yaşayır. Yəni biz məscidin, dinin əleyhinə deyilik. Sadəcə, dindən istifadə edib Azərbaycanda təfriqə salan adamların əleyhinəyik. Ona görə də bu qanun qəbul olunmalıdır, bir az da sərtləşməlidir ki, kimsə gəlib Azərbaycanda... Bir fakt demişdim, üstümə hücum elədilər.

Quba yolunda bir pir var. Oradan keçən adamlar düşüb dua edirlər, nəzir qoyurlar. Amma Şeyx Nizaminin məq­bərəsinin qabağından 120–140-la maşın sürürlər, bir adam da demir ki. Allah sənə rəhmət eləsin. Beləmi olar? Dinə hörmət başqa məsələdir, amma din pərdəsi altında bu millə­tə, dövlətə zərbə vurmaq olmaz. Biz həmişə deyirik ki, İran bizə din ixrac edir. Türk qardaşlarımız da bizə çox gözəl din ixrac edirlər, başqa pərdə altında, məktəblərdə. Ərəb yoxdur, ərəb kərtənkələ yeyir, başı qarışıb Liviyaya, Qəddafiyə. Tür­kiyə də bizə çox yaxşı din ixrac edir.

Oqtay müəllim, çox ciddi qanun layihəsidir. Bu qanun layihəsinə hamı səs verməlidir. Bu qanun layihəsi çox geniş müzakirə olunmalıdır. 10 dəqiqə niyə danışırıq axı, 5 dəqiqə bəsdir. Təşəkkür edirəm, Oqtay müəllim, xahiş edirəm, layihəni səsə qoyun.

Sədrlik edən. Fəzail Ağamalı.

F. Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör­mətli millət vəkilləri! Əlbəttə, yorğunluğunuzu nəzərə alı­ram, ancaq deməyə vacib sözlərim var, ona görə ümidvaram, məni başa düşəcəksiniz. Bu dəyişikliyin həyata keçirilməsini zəruri edən amillər var və həmin amillər haqlı olaraq “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklərin edilməsini ortalığa qoyur. Heç şübhəsiz ki, Milli Məclis deputatlarının mütləq əksəriyyəti tərəfindən haqlı olaraq müdafiə olunur.

Bu gün Azərbaycanda din pərdəsi altında təhlükə varmı? Bəli, var. Bu təhlükə haradan gəlir? Bu təhlükənin ən böyü­yü bizim cənub qonşumuz olan İrandan gəlir. Digər tərəf­dən, ən müxtəlif pərdələr, sektalar adı altında Azərbaycanda dövlətçiliyə, dövlətin prinsiplərinə qarşı bu və ya digər şə­kildə fəaliyyət qurmağa cəhdlər göstərilir. Bunun qarşısı­nın alınmasının yolu haradan keçir? Əlbəttə, qanunvericilik bazasının möhkəmləndirilməsindən, qəbul edilmiş qanunlara edilən əlavələrdən və dəyişikliklərdən.

Bu gün çox fərəhli haldır ki, Dini İşlər üzrə Dövlət Ko­mitəsi Azərbaycanda İslamın tətbiqinə və təbliğinə daha çox elmi şəkildə yanaşır, inzibati metodlara üstünlük vermir və dini etiqadla bağlı qanunvericiliyin tətbiqində prinsipiallıq nümayiş etdirir. Mən ümidvaram ki, təqdim edilmiş qanun layihəsi də məhz həmin komitə tərəfindən əsas müəllif, təşəbbüskar kimi irəli sürülüb. Ona görə də onların fəaliyyəti alqışlanmalıdır.

Mən çox qısa olaraq danışmaq istəyirəm. İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsində dini etiqad azadlığı haq­qın­da qanunvericiliyin pozulması ilə bağlı təqdim edilmiş dəyişikliklər son dərəcə vacibdir. Ümidvaram ki, həmin dəyişikliklər bu sahədə özünü göstərən özbaşınalığın, mənfi meyillərin aradan qaldırılmasına müsbət təsir edəcəkdir. Lakin mən təklif edərdim ki, əvvəlki dəyişikliklərdə olduğu kimi, yəni dini ayinləri icra etmək haqqında maddə həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə daxil edildiyi kimi, bu maddə də həm İnzibati Xətalar Mə­cəlləsində, həm də Cinayət Məcəlləsində nəzərdə tutulsun. Düşünürəm ki, belə bir dəyişiklik qanunun sərtləşməsində çox mühüm rol oynayardı.

Qanunun tətbiqi ilə bağlı burada söylənmiş şübhələrə eh­ti­yac və əsas yoxdur. Bu qanun qəbul edildikdən sonra ümid­varam ki, müvafiq icra strukturları onun həyata keçiril­məsi üçün lazımi addımlar atacaqlar. Bir faktı xatırladıram və bununla da sözümü yekunlaşdırıram. Azərbaycandan xa­ricə, Qum şəhərinə bu və ya digər şəkildə dini təhsil al­maq üçün insanlar gedirlər. Noyabrın əvvəlində Qum şəhərində ayətul­lah­ların bir konfransı keçirildi, adını da beynəlxalq kon­frans qoydular. Kütləvi informasiya vasitələrində məlu­mat getdi ki, Azərbaycandan Qum şəhərində təhsil alan tələbələr də həmin konfransa cəlb olunublar. Qum şəhərində hazırlanan tələbə­ləri, ruhaniləri Azərbaycana kəşfiyyatçı, İra­nın agentləri kimi göndərirlər. Ona görə də xaricə gön­dərilən tələbələrin üzərin­də xüsusi nəzarətə ehtiyac var. Dü­şünürəm ki, bunun üçün də qanunvericilik bazasında lazım gələrsə, ciddi dəyi­şikliklər edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Bahar Muradova.

B.Muradova. Çox təşəkkür edirəm, cənab Sədr. Mən bayaqdan çıxışları diqqətlə dinləyirəm və hesab edirəm ki, bu çıxışların hər birində hamımızı narahat edən bir çox məsələlər haqlı olaraq öz əksini tapır. Bəzən də bu təhlükə həddən artıq şişirdilir, böyüdülür. Yaxud da bəzən nələrinsə üzərindən sükutla keçirik. Mən, sadəcə, dinin mədəniyyətin bir hissəsi olduğunu qəbul edənlərdənəm. Hesab edirəm ki, dinə yanaşma da bu cür olmalıdır. Bütövlükdə mədəniyyə­ti­mizin, həyatımızın, məişətimizin dini qaydalara tabe etdiril­məsinin qəti əleyhinəyəm. Azərbaycanın bu günə qədər olan həyatı da sübut edir ki, biz həmişə belə bir yol tutmuşuq. Din həyatımızda yalnız tuta biləcəyi yeri tutmalıdır. Azər­baycan xalqı əldə etdiyi nailiyyətləri bu gün daha dindar görünmək... Bu hisslərimizi ifadə etmək üçün mövcud bu­xovlardan azad olmuşuq.

Burada fikirlər səsləndi ki, sovet dövründə necə idi, bu gün necədir? Mən düşünürəm ki, biz sovet dövründə nə qədər ateist idiksə, bir o qədər dindar idik, bu gün də nə qə­dər dindarıqsa, bir o qədər ateistik. Qəribə yerdəyişmələr baş verir və ona görə də bunların sərhədlərini müəyyən etmək çətindir. Əgər dünən insanlar dini hisslərini özlərinə aid bir hiss kimi qoruyurdularsa, ürəklərini və hisslərini ona tabe etdirirdilərsə, yaxud da bunu lazım olduğu yerdə, lazım olan miqdarda ifadə edirdilərsə, bu gün miqdarların çərçi­vəsi genişlənib. Bu gün daha çox insan özünün dindar oldu­ğunu, ruhaniyyətə bağlı olduğunu nəzərə çarpdırmaq istəyir.

Dəyərlər, meyarlar dəyişib. Biz özümüz dəyişməmişik, yenə deyirəm, nə qədər dindar idiksə, o qədər dindarıq. Amma görüntülərimiz dəyişir. Kim isə özünü daha milli, xalqa, din xadimlərinə yaxın göstərmək üçün bu istiqamətdə meydana çıxan mənfi meyillərin müdafiəsinə qalxmaqdan çəkinmir. Bununla özünün fərqləndiyini sübuta yetirməyə çalışır. Buraya hicab, digər məsələlər, dövlətin qanunlarına tabe olmamaq və özünün dini istəklərinə az qala dünyanın və Azərbaycanın bütün qanunlarını tabe etdirmək cəhdləri və bəzilərinin də onların hərəkətlərinə rəvac verməsi daxildir. Mən çox istərdim ki, hər birimiz danışdığımız kimi davranışımızda da nümunəvi olmağı bacaraq.

Bu gün təqdim edilən dəyişikliklər, təbiidir ki, həmin sa­hədə boşluqları aradan qaldırmaq üçündür. Mən bu dəyişik­liklərlə məhdudiyyət qoyulduğunu deyənlərlə razı deyiləm. Bəlkə biz hansısa axınların qarşısını almaq istəyirik? Xeyr. Mənim düşüncəmə görə bütün bu dəyişikliklər Azərbay­ca­nın malik olduğunu qorumaq üçündür. Biz bu günə qədər nəyi meydana qoymuşuqsa, həmin istiqamətdə nə əldə etmişiksə, ənənəmizi, düşüncə tərzimizi, dəyərlərimizi qoru­mağa çalışmalıyıq. Bunu nə İrana qarşı, nə Turana qarşı, nə də digər dairələrə qarşı addım kimi dəyərləndirmək, hesab edirəm ki, bizi əsas məqsəddən yayındıra bilər. Biz nəyimiz varsa, malik olduğumuzu qorumağa çalışmalıyıq. Malik ol­du­ğumuz isə dini, milli-mənəvi dəyərlərimizdir. Mən hesab edirəm ki, bu gün biz haraya bağlılığımızı axtarmaqdan daha çox dönüb özümüzə, öz içimizə baxmalıyıq ki, biz nəyə malikik, nəyə qadirik? Bu gün din sahəsində olan modelimiz Azərbaycanın iqtisadi sahəsində olan modeli qədər onun özü­nə məxsusdur. Biz özümüzə məxsus olanları qoruma­lıyıq. Yad təzahürlərə qarşı mübarizəni əldə rəhbər tutub özümüzü qorumaqdan imtina etməməliyik.

Mən hesab edirəm ki, bu dəyişikliklər, doğrudan da, qar­şı­mıza qoyduğumuz məqsədlərə xidmət edən dəyişiklik­lərdir. Mən çox xahiş edərdim ki, siyasətçilərimiz, ictimai xadimlərimiz dəb xatirinə ildə bir neçə dəfə müqəddəs yerləri ziyarət etdikdən sonra da bunu əldə bayraq edərək, mətbuatda, televiziyada bu səfərlərə getdiklərini və bundan qürur duyduqlarını, bunu həyat tərzinə çevirdiklərini açıq şəkildə ortaya qoymasınlar. Bu hər kəsin vicdan, mənəviy­yat, ­şəxsi işidir. Allahla olan münasibətləriniz, ona olan his­ləriniz sizin özünüzə məxsus olmalıdır. Biz dünyəvi döv­lətik, biz İslam mədəniyyəti deyərək Azərbaycan mədə­niy­yətinin üzərindən xətt çəkə bilmərik. Azərbaycanın özü­nə­məxsus mədəniyyəti və bunun içərisində İslamın öz yeri var. Gəlin, onu öz yerində qorumağı bacaraq. Mən hesab edirəm, bu dəyişikliklər də ona xidmət edəcək. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Burada çox fikirlər səsləndi, modeldən də danışdıq, dindən də, inancdan da. Ancaq sadə bir məsələ var ki, İslam dinində insanla Allah arasında vasitəçi yoxdur, insan Allahla birbaşa özü tək təmas­da olur. Ona görə Allaha inam da, dinə məhəbbət də, mərhə­mət də birinci, insanın ürəyində olmalıdır. İnsan təmiz olmalı­dır, öz yaxınına, ölkəsinə, millətinə, inancına sadiq qalmalı­dır. Yoxsa ümumi sözlərlə, modellərlə yaranan mə­sələ deyil. Bizim öz içimizdə ürəyimizin modeli yaranma­yıbsa, heç bir model yarada bilmərik. Burada bir çox çıxışlar oldu, fikirlər deyildi. Mən hesab edirəm ki, biz özümüzü qorumalıyıq, dini­mizi, Allahımızı sevməliyik. Ancaq birinci növbədə dövləti­mizi də, özümüzü də qorumalıyıq. Xahiş edirəm, gündəliyin 12-ci məsələsinə, qanun layihəsinə mü­na­sibət bildirin.

 

Səsvermənin nəticələri (saat 17.21 dəq.)

Lehinə 103

Əleyhinə 1

Bitərəf  0

Səs vermədi 0

İştirak edir 104

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 13-cü məsələsinə münasibət bildirin.

 

Səsvermənin nəticələri  (saat 17.22 dəq.)

Lehinə 97

Əleyhinə 0

Bitərəf  0

Səs vermədi 0

İştirak edir 97

Nəticə: Qəbul edildi

 

Çox sağ olun.

Gündəliyin 14-cü məsələsinə münasibət bildirin.

 

Səsvermənin nəticələri  (saat 17.22 dəq.)

Lehinə 103

Əleyhinə 1

Bitərəf  0

Səs vermədi 0

İştirak edir  104

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, çox sağ olun.

Növbəti, 15-ci məsələ Azərbaycan Respublikasının Mül­ki-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında qa­nun layihəsidir. Buyurun, Əli Hüseynli.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bildiyimiz kimi, Mülki-Prosessual Məcəllənin 50-ci maddəsi tərəflərə həsr olunub. Hazırda qüvvədə olan qanunvericiliyə görə təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxs­lərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçı hesab edilir. Amma təcrübə göstərir ki, üçüncü şəxs qismində dövlət idarələri və təşkilatları birbaşa özləri də iddiaçı kimi iştirak edirlər. Ona görə də təklif olunur ki, “habelə dövlət idarə və təşkilatlarının və ya” sözləri Mülki-Prosessual Məcəllənin 50-ci maddəsinə, yəni tərəflərin siyahısına əlavə olunsun. Hesab edirəm ki, bu, texniki düzəlişdir və millət vəkillərin­dən buna səs vermələrini xahiş edirəm.

 

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin

birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

 

Sədrlik edən. Nə təklif olacaq?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirin.

 

Səsvermənin nəticələri (saat 17.24 dəq.)

Lehinə 103

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  103

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Azərbaycan Respublikası Dövlət Göm­rük Komitəsinin 20 illiyi (1992–2012)” Azərbaycan Respub­li­­kasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azər­baycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynli, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bir müddət öncə “Azərbaycan Respublikasının orden və medal­larının təsis edilməsi haqqında” Qanuna əlavələr və dəyişik­liklər etdik. Həmin qanuna görə bu gün orden və medallar ancaq cənab Prezident tərəfindən təqdim olunur və Milli Məc­lisin qəbul etdiyi qanunla təsdiqlənir. Layihədə təklif olunur ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Ko­mitəsinin 20 illiyi (1992–2012)” yubiley medalı təsis edil­­sin. Hesab edirik ki, Dövlət Gömrük Komitəsinin yubi­leyi ilə bağlı belə bir medalın təsis olunması məqsədə­mü­vafiqdir.

Layihə sizə də təqdim olunub. Bu medalın əsasnaməsi və yubiley medalının təsviri orden və medalların təsis edilməsi haqqında qanunvericiliyə uyğundur. Medalın təsviri özündə həm milli atributları, həm də gömrük orqanlarının spesifik xüsusiyyətlərini əks etdirir. Milli Məclis belə bir qanunu qə­bul etməklə Azərbaycanın orden və medalları siyahısına növ­bəti yubiley medalını əlavə etmiş olacaqdır. Çox sağ olun.

Sədrlik edən. Sağ olun, Əli müəllim. Təşəkkür edirəm. Xahiş edirəm, qanun layihəsinə münasibətimizi bildirək.

 

Səsvermənin nəticələri (saat 17.26 dəq.)

Lehinə 103

Əleyhinə 0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  103

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Yenə Əli Hüseynli məlumat verəcək. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bi­lirsiniz ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublika­sının Qanununda dəyişikliklər edilməsi gündəlikdə olan di­gər məsələlərlə – “Notariat haqqında”, “Dövlət rüsumu haq­qında” qanunlarda, İnzibati Xətalar Məcəlləsində dəyi­şik­liklərlə bağlı bir paketdə təqdim olunmuşdur. Hamısı bir-biri ilə üzvi bağlıdır. Məlumat üçün deyim ki, son dövrlər ölkə başçısı tərəfindən dövlət orqanlarının fəaliyyətində şəffaflı­ğın artırılması və antikorrupsiya istiqamətində bir sıra ad­dımlar atılmışdır.

Cənab Prezidentin 2011-ci il 14 fevral tarixli “Azərbay­can Respublikasının Daxili İşlər Nazirliyinin yol-patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bir sıra tədbirlər haqqında” fərmanı da olmuşdur. Bir müddət sonra, daha dəqiq, 2011-ci ilin mart ayında cənab Prezident tərəfindən növbəti bir qərar qəbul olundu. Bu qərara əsasən Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xidmətlərin göstərilməsi və sənədlərin verilməsi, eyni zamanda, dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsinin icarə müqaviləsi və ya etibar­namə əsasında başqa şəxsə verilərkən qeydiyyatın aparıl­ması prosedurlarının sadələşdirilməsi Nazirlər Kabinetinə həvalə olundu.

Cənab Prezidentin müvafiq tapşırığından sonra indi sizə təqdim olunan qanun layihəsi üzərində iş getdi və nəticədə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi haq­qında qanun layihəsi parlamentə təqdim olundu. Yəqin ki, layihə ilə tanış olmusunuz. Onu deyə bilərəm ki, bu layihə kifayət qədər mütərəqqidir. Vətəndaşlarla, sürücülərlə Döv­lət Yol Polisi İdarəsi arasında münasibətləri, hesab edirəm ki, çox şəffaf tənzimləyir. Sürücülük vəsiqələrinin alınma­sının burada göstərilən müddətlərini daha şəffaf edir. Müm­kün ola bilən hər hansı qeyri-prosessual münasibətləri istisna edir. Məlumat üçün deyim ki, qanun layihəsində müasir in­for­masiya texnologiyalarının tətbiqinə üstünlük verilir. Artıq imkan var ki, İnternet vasitəsi ilə sənədlər təqdim olunsun.

Eyni zamanda, “Notariat haqqında” Qanuna təklif olunan əlavə çox mütərəqqidir. Burada faktik olaraq müvafiq icra hakimiyyəti orqanının üzərinə vəzifə qoyulur ki, iki müvafiq icra hakimiyyəti orqanı öz arasında vətəndaşın müraciəti məsələsini həll etsin. Sənədlər notariat orqanına təqdim olu­nur, notariat orqanı isə qanunvericilikdə göstərilmiş müddət ərzində, yəni 3 gün müddətində sənədləri digər müvafiq icra hakimiyyəti orqanına, daha dəqiq desək, Daxili İşlər Nazir­liyinin Dövlət Yol Polisi İdarəsinə təqdim etməlidir.

Digər bir məsələ dövlət nişanlarının alınması ilə bağlı rüsumların məbləği ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, bu tapşırıq da, əslində, cənab Prezidentin fərmanında öz əksini tapmışdır. Konkret olaraq fərmanda göstərilmişdir ki, nəq­liy­yat vasitəsinə dövlət qeydiyyatı nişanının verilməsinə gö­rə tutulan rüsumun məbləğinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyası üzrə di­ferensiasiya edilməsinə dair təklif hazırlansın. Cənab Prezi­dentin fərmanında verilmiş bu tapşırıq artıq Nazirlər Kabi­netində hazırlanıb və indi cənab Prezident tərəfindən qanun layihəsi şəklində təqdim olunub.

Qeyd etmək istəyirəm ki, yol hərəkəti münasibətlərini tənzimləsə də, “Dövlət rüsumu haqqında” Qanunda edilən dəyişiklik barədə qanun layihəsidir. Bu məsələ İqtisadi siya­sət komitəsi ilə birgə müzakirə olunmuşdur. Daha konkret onu deyə bilərəm ki, dövlət qeydiyyat nişanına görə konkret rüsum mövcud idi. Bu, 18 manat idi. İndi isə dövlət qey­diy­yat nişanında əks olunmuş rəqəmlərin kombinasiyasına görə məbləğlər fərqlidir. Ən yüksək məbləğ 2500 manatdır. Əl­bət­tə, bu təcrübə bir sıra ölkələrdə, qonşu Gürcüstanda, Bir­ləşmiş Ərəb Əmirliklərində var. Bu cür məbləğlərin, yəni rü­sumların artırılması, əslində, şəffaflığı təmin edir. Sürü­cü­lərlə dövlət yol polisi orqanları arasında olan qeyri-proses­sual münasibətlərin də qarşısının alınmasına xidmət edir.

Ziyafət müəllim, hesab edirik ki, qanunun müddəalarının düzgün tətbiqi bu sahədə olan neqativ halların qarşısının alınmasına xidmət edəcəkdir. Ona görə millət vəkillərindən bu layihələri dəstəkləməyi xahiş edirəm.

Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihələrinin müzakirələrinə başlayırıq. Qüdrət Həsənquliyev, buyurun.

Q. Həsənquliyev. Ziyafət müəllim, çox sağ olun. Diqqə­tinizi iki məsələyə cəlb etmək istəyirəm. Mən bunları bizim komitənin iclasında layihə müzakirə olunanda da söyləmiş­dim. Əlbəttə, Əli müəllimin dedikləri ilə razıyam ki, bu qanun xeyli dərəcədə bir çox məsələlərə şəffaflıq gətirəcək və bir çox problemləri həll etmiş olacaq. Amma burada bir məsələ var. Məsələn, 30-cu maddədə texniki baxışın keçiril­məsindən bəhs edilir. Elə indi Əli müəllim qonşu Gürcüs­tanın təcrübəsindən misal çəkdi. Bu texniki baxış Gürcüs­tanda ləğv olunub. Ümumiyyətlə, hər kəsin həyatını onun özündən çox kimsə qiymətləndirə bilməz. Texniki baxış ildə bir dəfə keçirilir. Bir il ərzində maşın on dəfə də xarab ola bilər. Əgər adam öz maşınına yaxşı qulluq göstərmirsə, deməli, ildə bir dəfə aparıb onu texniki baxışdan keçirməklə avtomobilin saz vəziyyətdə olmasını, texniki standartlara cavab verməsini müəyyən etmək mümkün deyil.

İkinci, hamı bilir, Daxili İşlər Nazirliyinin nümayəndəsi hörmətli Ramiz müəllim də komitənin iclasında söylədi ki, yeni texniki baxış yeri tikilib və orada növbələr azalacaq. Amma məndə olan məlumatlara görə orada yenə böyük növbələr var. İnsanlar bundan xeyli dərəcədə əziyyət çəkir­lər. Mən düşünürəm ki, texniki baxış üçün rüsum almaq la­zımdırsa, bunu rüsum formasında müəyyənləşdirmək olar. Sürücülər ildə bir dəfə 50–100 manat dövlətə əlavə rüsum ödəsinlər. Amma texniki baxış adı ilə bunun alınması insan­ların yorulması, onların işindən-gücündən ayrılması demək­dir. Mənə elə gəlir ki, bu islahatları bir az da genişləndir­mək, davam etdirmək lazımdır. Avtomobillərin texniki ba­xışdan keçirilməsi, ümumiyyətlə, gündəmdən çıxarılmalı­dır. Bu məsələnin müzakirəsi zamanı hörmətli Mübariz müəllim söylədi ki, yaxşı, şəxsi maşınları başa düşdük, amma avto­buslar var, bunların texniki sazlığına kim nəzarət edəcək? Həmin avtobusun sahibi, şirkətlər? Onlar məsuliyyət daşı­yırlar və avtomobilləri hər gün yoxlayıb işə buraxırlar. Mən düşünürəm ki, bu məsələni həll eləməyin artıq zamanı gəlib çatıb.

Azərbaycanda çox şəffaf nömrələr populyardır, bunlara el arasında “zerkalnı nömrələr” deyirlər. Burada ən yuxarı rüsum – 2500 manat müəyyənləşdirilib. Amma mən sizə deyim ki, bu da problemin həlli yolu deyil. Birləşmiş Ərəb Əmirliklərində bu cür nömrələr hərrac yolu ilə satılır. Hətta mən bir dəfə mətbuatda oxudum ki, orada bir nömrə 1 milyon dollara satılıb. Azərbaycanda da bunun həvəskarları var. Hesab edirəm, dövlət bu cür nömrələri hərrac yolu ilə satmaqla kifayət qədər büdcəyə pul toplaya bilər. Ona görə hərrac qaydasında satılsa, daha yaxşı olar. Amma bu cür rüsumların müəyyən olunması şəffaflığı tam təmin etməyə­cək. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.

Ç.Qənizadə. Hörmətli həmkarlar, “Yol hərəkəti haqqın­da” Qanunda edilən dəyişikliklərlə bağlı komitədə biz öz fikirlərimizi bildirmişik. Bu qanuna edilən dəyişikliklər hör­mətli Əli müəllimin qeyd etdiyi kimi, ilin əvvəlində cənab Prezident tərəfindən rüşvət və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı gördüyü tədbirlərin tərkib hissəsidir. Çox gözəl. Bu gün “Yol hərəkəti haqqında” Qanunda də­yişikliklər edilir və müəyyən problemlərə, vətəndaşların çək­dikləri əziyyətlərə son qoyulur. Mən, təbii ki, ümumilikdə, bu qanun layihəsinin qəbul edilməsinə tərəfdaram. Amma bir neçə məqam haqqında fikrimi bildirmək istəyirəm. Birincisi, 29-cu maddənin 4.2...

Sədrlik edən. Çingiz müəllim, üzr istəyirəm, hansı qanun layihəsindən söhbət gedir? Biz dörd qanun layihəsini mü­zakirə edirik, ona görə danışanda qanunun adını deyin.

Ç.Qənizadə. “Yol hərəkəti haqqında” Qanundan söhbət gedir. 29-cu maddənin III hissəsində qeyd olunur ki, alıcı ilə satıcı arasında razılıq əldə olunduqda avtomobilin üzərində olan dövlət qeydiyyat nişanı alıcıya, yəni avtomobili alan şəxsə verilir. Amma eyni zamanda, qeyd olunur ki, razılıq ol­madıqda onda bu nömrə nişanı müvafiq icra hakimiyyəti tərəfindən geri alınır. Biz bu gün müəyyən nömrələrin rü­sumunu qaldırmışıq, hətta bu rüsum 2500 manata qədər çat­dırılmışdır. Bir vətəndaş imkanı olduqda bu nömrələrdən birini almışsa, bir müddətdən sonra avtomobili qəzaya uğ­rayıbsa, səhhətindəki probleminə görə artıq avtomobil idarə eləyə bilmirsə, maşını satarkən alıcı nömrəni yox, maşını aldığını bildirərsə, belə çıxır ki, vətəndaş 2500 manat ödə­di­yi halda həmin nömrəni təkrarən müvafiq icra hakimiy­yə­tinə, yəni Dövlət Yol Polis İdarəsinə təhvil verir. Mən təklif edirəm ki, bu cür bahalı, pulu vətəndaş tərəfindən ödənilmiş, dövlət qeydiyyat nömrələri haqqında “müvafiq icra haki­miy­yəti tərəfindən alınır” yox, “saxlanmaq üçün alınır” yazılsın. Həmin nömrələrin üzərində, heç olmasa, ilk iki-üç il vətən­daşın sərəncam vermək hüququ saxlanılsın, çünki o, pul ödə­­yib. Əgər biz Avropa, Gürcüstan təcrübəsindən da­nı­şırıqsa, başqa dövlətlərdə bu var. Həmin şəxs bu nömrənin avtomatik sahibi olur, bunu istədiyi şəxsə sata, bağışlaya bilir və sair. Bu baxımdan mən...

Sədrlik edən. Çingiz müəllim, bir dəqiqə də, yekunlaş­dırın, xahiş edirəm.

Ç.Qənizadə. Belə nömrələrə münasibətdə rüsumların ar­tırılmasına gəldikdə qeyd edirəm ki, qanun layihəsində çox ucuz qiymət göstərilmişdir. Yəni o qədər də maraq kəsb etməyən nömrə 1500–2500 manata qədər qiymətləndirilirsə, digər daha bahalı nömrələrin rüsumu aşağı göstərilib. Belə hesab edirəm ki, burada müəyyən məqsədlər var. Mən çox istərdim ki, buna təkrar baxılsın.

“Notariat haqqında” Qanunda dəyişiklik vətəndaşların problemini həll edir, yəni etibarnamə üçün vətəndaş əvvəllər Dövlət Yol Polisinə gedib təkrar qeydiyyata dururdusa, bu vəzifə artıq notariat orqanlarına həvalə olunur. Vətəndaşlar müəyyən əziyyətdən azad edilirlər. Ümumilikdə qanun la­yihəsinə, qeyd etdiyim məqamlar nəzərə alınmaqla səs ve­rilməsinə tərəfdaram.

Sədrlik edən. Sağ olun. Hikmət Atayev.

H.Atayev. Sağ olun, Ziyafət müəllim. Mən qanunlara tək­lif olunan dəyişiklikləri dəstəkləyirəm və buna səs verə­cəyəm. Bu məsələ müzakirə olunarkən mənim yadıma düşdü ki, nəqliyyat vasitələrinin sənədləşdirilməsi, rüsumlarla əla­qəli bizim bir problemimiz var. Misal üçün, mən yaşadığım Zaqatala rayonunun, Qax, Balakən rayonlarının əhalisi nəqliyyat vasitələrinin dövlət nişanını, sürücülük vəsiqəsini almaq, nəqliyyat vasitələrini qeydiyyatdan keçirmək üçün mütləq Şəkiyə getməlidir. Bu, neçə illərdir ki, davam edir və çox böyük problemlər yaradır. Mənə elə gəlir ki, kompüter dövründə bütün bu məsələləri Zaqatalada, Qaxda, Balakən­də, yerlərdə həll etmək olar. Təsəvvür edin, sürücülük vəsi­qəsi almaq üçün adam Şəkiyə ən azı iki dəfə getməlidir. Bu, həm vaxt, həm də vəsait itkisidir. Digər problemlər yaradır. Mən xahiş edirəm, bu məsələ müzakirə olunarkən aidiyyəti təşkilatlar Zaqatala, Qax, Balakən sakinlərinin bu xahişini də nəzərə alsınlar. Bu problemi biz öz rayonlarımızda həll eləyə bilək. Sağ olun.

Sədrlik edən. Hikmət müəllim, sağ olun, təşəkkür edi­rəm. Biz bayaq İnzibati Xətalar Məcəlləsinə bir dəyişiklik etdik. Əli müəllim, səhv etmirəmsə, 14-cü məsələ idi, inzi­bati cərimələr artıq İnternet vasitəsilə də ödənilə bilir. Hik­mət müəllim, narahat olmayın, artıq biz bu istiqamətdə irə­lilə­yirik, inşallah, ona da gəlib çıxacağıq. Sonra, Çingiz müəl­lim burada nömrələrin vətəndaşların özlərində saxlanıl­ması məsələsini qaldırdı. Əli müəllim, bu, şəxsi mülkiyyət hüququna keçmir?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Yox, hələ bu məsələ durmur. Tamam. Bir də, Qüdrət müəllim burada maraqlı məsələ qaldırdı. Texniki baxış məsələsinə toxundu. Hamınız bilirsiniz, mən də bilirəm ki, maşınların texniki baxışı üzrə diaqnostik mərkəz tikilib, çox da yaxşı mərkəzdir. Həqiqətən, mən izləmişəm, televi­ziyada görmüşəm, amma Qüdrət müəllim, mən diaq­nostika mərkəzi tərəfindən texniki baxışın keçirilməsinə tərəfdaram. Niyə? Azərbaycan sürücüsünün mentalitetini hamımız bilirik. Avtomobilin əyləci, motoru xarab olur, heç bir sürücü moto­rist kimi bunu təmir edə bilməz. Heç olmasa, texniki baxış vaxtı yadına düşür ki, maşının nə dərdi var. Texniki baxışın keyfiyyətli və ya keyfiyyətsiz keçirilməsi başqa məsələdir. Əlbəttə, bunu təkmilləşdirmək lazımdır. Mən Sizin fikrinizlə razıyam, amma, ümumiyyətlə, mən texniki baxışın keçirilmə­sinə tərəfdaram, çünki ən azından bizim mentalitetimiz bunu tələb edir. Başqa çıxış etmək istəyən yoxdursa, buyurun, qanun layihələrinə münasibət bildirin. Birinci, 17-ci məsələ, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun­da dəyişikliklər edilməsi ilə bağlı səs verin.

 

Səsvermənin nəticələri (saat 17.42 dəq.)

Lehinə 90

Əleyhinə 0

Bitərəf  1

Səs vermədi  0

İştirak edir   91

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanu­nun­da dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 17.43 dəq.)

Lehinə  96

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir 96

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllə­sin­də dəyişiklik edilməsi barədə qanun layihəsinə, xahiş edi­rəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 17.44 dəq.)

Lehinə 96

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  96

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək, xahiş edirəm.

 

Səsvermənin nəticələri  (saat 17.44 dəq.)

Lehinə 91

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  2

İştirak edir  93

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qa­nun layihəsidir. Buyurun, Çingiz Əsədullayev.

Ç.Əsədullayev. Hörmətli Ziyafət müəllim, hörmətli mil­lət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Res­publikasının Qanununda təklif olunan dəyişikliklər redaktə xarakterli dəyişikliklərdir. Qanunda göstərilən bəzi anlayış­la­rın dəqiqləşdirilməsi nəzərdə tutulur. Bu məsələyə komitə­mizdə baxılıb və yekdilliklə qəbul olunub. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun, Çingiz müəllim. Təklif var, layihə səsə qoyulsun. Buyurun, münasibət bildirin, xahiş edirəm.

 

Səsvermənin nəticələri  (saat 17.46 dəq.)

Lehinə  96

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  96

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Çingiz müəllim, buyurun.

Ç.Əsədullayev. Ziyafət müəllim, icazə versəniz, 22 və 23-cü məsələləri birdəfəlik səsləndirərdim. Nəyə görə? Edilən dəyişikliklər “İnvestisiya fondları haqqında” Azər­bay­can Respublikası Qanununa uyğun təklif olunub. Mülki Məcəllədə bir sıra dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərə görə qiymətli kağızlar bazarının iştirakçıları xüsusi razılıq, yəni lisenziya əsasında sahibkarlıq fəaliy­yə­tini həyata keçirən hüquqi şəxslərdirlər. Qüvvədə olan va­riantda “hüquqi şəxslər və fiziki şəxslər” yazılır. Buradan “fiziki şəxslər” sözlərinin çıxarılması təklif olunur.

Eyni zamanda, başqa bir dəyişiklik milli depozitlər mər­kəzinin fəaliyyəti ilə bağlıdır. Dəyişikliklərə görə investisiya fondlarının vəsaitlərinin köçürülməsinə icazə verilir.

 Mülki Məcəllədə edilən digər dəyişikliklər redaktə xa­rakterlidir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yeni maddə əlavə edilməsi nəzərdə tutulur. İnvestisiya fondlarının fəaliyyətinə dair qanunveri­ciliyin tələblərinin pozulmasına görə sanksiyalar nəzərdə tutulur. Bu tələbləri pozmuş vəzifəli şəxslər 1000 manatdan 1200 manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 12 min manata qədər məbləğdə cərimə edilirlər. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çingiz müəllim, təşəkkür edirəm. Əli mü­əllim, 24-cü məsələ də bu paketlə bir yerdədir. Bəlkə bunu da məruzə edəsiniz, sonra səsvermə keçirək? “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqal­laşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanu­nun­da dəyişiklik edilməsi barədə.

Ə.Hüseynli. Bəli, Ziyafət müəllim. Bu sənədlər bir pa­ket­dədir. Sadəcə, məlumat üçün demək istəyirəm ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı bizim qanunvericilikdə “qiymətli kağızlar” anlayışı var. Bu anlayış “aktivlərin idarə edilməsi” anlayışı ilə əvəz­lənir. Bizim qanunvericilikdə bu anlayışdan istifadə olunur. Ona görə də “qiymətli kağızların idarə olunması üzrə peşə­kar” sözləri “aktivlərin idarə edilməsi” sözləri ilə əvəz olunur.

Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Xahiş edirəm, Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişik­lik­lər edilməsi haqqında qanun layihəsinə münasibət bildirin.

 

Səsvermənin nəticələri  (saat 17.49 dəq.)

Lehinə  94

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  94

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin­də dəyişiklik edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 17.50 dəq.)

Lehinə  95

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  95

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya di­gər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələş­diril­məsinə qarşı mübarizə haqqında” Azərbaycan Respubli­kasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihə­sinə, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 17.51 dəq.)

Lehinə  98

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  98

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllə­sində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Hörmətli həmkarlar, bu, texniki bir dəyişik­likdir. Çünki bizim qanunvericilikdə artıq “məhkəmə icra­çısı” anlayışı yoxdur, “icra məmuru” anlayışı var. Ona görə bu qanunda “məhkəmə icraçısı” sözləri “icra məmuru” söz­ləri ilə əvəz olunur.

Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 17.52 dəq.)

Lehinə  96

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  96

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, hazırda respublikamızda nəqliyyatın tənzimlənməsi ilə bağlı bir sıra mütərəqqi işlər görülür, o cümlədən Bakıda “intellektual şəhər” layihəsi həyata keçirilir. Yəqin, müşahidə edirsiniz, son dövrlər həm Bakı şəhərində, həm də digər şəhərlərdə çox müasir dayanacaqlar da qurulubdur. Yəqin, bu fikirlə də razılaşarsınız ki, ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar bir çox hallarda hərəkət qaydalarını pozur­lar. Bu məsələlərin kompleks həlli nəzərdə tutulur. Təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinin 151-ci maddəsinə bir əlavə edilsin: “...ümumi istifadədə olan nəqliyyat vasitə­sini sərnişinləri mindirmək və ya düşürmək üçün bu məq­sədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydan­çalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş daya­nacaq yerlərindən kənarda dayandırılmasına”.

Bu hallarla biz hamımız vətəndaş kimi rastlaşırıq. İnsan­larımızın da haqlı narazılıqlarına səbəb olur. Təklif edilir ki, bu da bir pozuntu kimi həmin maddədə öz əksini tapmış olsun. Amma cərimə sanksiyası məlumdur, 20 manatdan 40 manata qədər cərimə nəzərdə tutulur. Düzdür, cərimənin məb­ləği ilə bağlı fikir mübadiləsi olmuşdu. Amma gəlin, reallıqla razılaşaq ki, bu cərimə ümumi istifadədə olan nəq­liyyat vasitəsi sürücüləri üçün kifayət qədər ciddi sanksiyadır. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. İki nəfər bu qanun layihəsi ilə bağlı çıxış üçün yazılıb. Elmira xanım Axundova, bu­yurun.

E.Axundova. Çox sağ olun. İnzibati Xətalar Məcəlləsin­də edilən dəyişikliyə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsinin, sərnişinləri mindirmək və ya düşürmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq mey­dan­çalarından kənarda dayandırılmasının cəzası sərtləşdiri­lir. Təxminən 20 manat və 1 bal cərimə artırılır. Hesab edi­rəm ki, bu müddəanın icrasına nəzarət gücləndirilməsə, belə bir sərtləşdirmənin heç bir təsiri olmayacaq. Əgər fikir ver­sək, görərik ki, qüvvədə olan norma marşrutların dayanacaq­lardan kənarda dayanmasının qarşısını almağa kifayət etmə­yib. Demək olar ki, marşrutlar əvvəlki qaydada hərəkətlərini davam etdirməkdədir. Düşünürəm ki, müvafiq orqanlar, xüsusilə də yol polisi əməkdaşları tərəfindən bu normaların icrasına və nəzərdə tutulmuş sanksiyaların tətbiq edilməsinə ciddi şəkildə nəzarət olunmalıdır.

Fürsətdən istifadə edərək hörmətli sədarətin və millət və­killərinin diqqətini bir məsələyə – gecə qaranlığında avto­xuliqanlıqla məşğul olan şəxslərə qarşı mübarizənin sərtləş­dirilməsinin zəruriliyi məsələsinə cəlb etmək istərdim. Ha­zır­da bu sahədə özbaşınalıq hökm sürür. Heydər Əliyev sarayından aralı olmayan Rəşid Behbudov və Füzuli küçə­lərinin kəsişməsində yaşayanlar məni yaxşı başa düşərlər. Gecə yarısı, saat 2, 3, hətta 4-də mühərrik, əyləc səslərindən yatmaq mümkün deyil. Başa düşə bilmirəm ki, gündüzlər işə-gücə tələsərkən istəməyərək sürət həddini az miqdarda aşan vicdanlı vətəndaşları saxlayıb cərimə edən yol polisi əməkdaşları gecələr harada olurlar? Nə üçün onlar gecə avtoxuliqanların qarşısını almırlar?

Qadağanedici və sərtləşdirilmiş tədbirlərdən əlavə yaxşı olardı ki, Nəqliyyat Nazirliyi Rusiyada və dünyanın bir sıra digər dövlətlərində olduğu kimi, sürətli avtomobil yarışla­rının keçirilməsi üçün xüsusi traslar hazırlasın. Həmin tras­larda sürətli sürməyi sevənlər özlərinin və digərlərinin hə­yat­larını riskə atmadan yarışa bilsinlər. Bu cür trasları şəhə­rin mərkəzindən kənarda təşkil etmək lazımdır. Orada yarışlar, nümunəvi avtoralli keçirilə bilər. Bu vəziyyətdən çıxış üçün sivil yol tapılmasa və sürəti sevənlər üçün müva­fiq şərait yaradılmasa, avtoidman, müxtəlif avtomobil şou­ları inkişaf etdirilməsə, bizim yerli Şumaxerlərimiz vicdanlı vətəndaşların rahatlığını pozmağa və özlərinin gənc həyat­larını təhlükəyə atmağa davam edəcəklər. Hələlik isə bunlar olmadığı üçün Dövlət Yol Polisinin rəhbərliyindən xahişim budur ki, Heydər Əliyev sarayı və ona yaxın küçələrdə gecəyarısı avtoxuliqanların qanunsuz yarışlarının qarşısı alınsın. Yəqin ki, başqa küçələrdə də buna oxşar mənzərə müşahidə olunmaqdadır. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 17.57 dəq.)

Lehinə  98

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  98

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəllə­sin­də dəyişiklik edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Hörmətli həmkarlar, bu məcəlləyə edilən əla­və hərbi xidmətə qəbulla əlaqədar müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə müddətində cəzasının icra qaydasını tənzimləyir. Ona görə də 28.4-cü maddə əlavə olunur. Millət vəkillərin­dən səs verməyi xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bil­dirək.

 

Səsvermənin nəticələri  (saat 17.58 dəq.)

Lehinə  97

Əleyhinə  1

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  98

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyi­şik­liklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli danışacaq. Hadi müəllim, buyurun.

H. Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.

Çox sağ olun. Birinci, hörmətli deputat həmkarlarımızın iştirakı ilə belə bir sənəd qəbul etmişdik ki, Qarabağ əlilləri, Böyük Vətən müharibəsi iştirakçısı olan əlillər növbədə du­rarkən vəfat etdikdə növbələri çatanda onların ailə üzvlərinə mənzil vermirdilər. Sonradan qanunların birinə dəyişiklik etdik ki, bu adamlar mənzil növbəsindən silinməsinlər. Bu məsələni biz Mənzil Məcəlləsinə keçiririk. Eyni zamanda, həmin məsələ Mənzil Məcəlləsində öz əksini tapır ki, Qarabağ müharibəsinin əlilləri mənzil növbəsində olduqda vəfat etdikdə onların mənzil növbəsi saxlanılsın.

İkinci hal “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərlə bağlıdır. Burada iki qrup insanların pensiya təminatında imtiyaz nəzərdə tutulur. Onlar Milli Televiziya və Radio Şurasının üzvü və Naxçıvan Muxtar Respublikası Televiziyası və Radio Şurasının üzvü olmuş şəxslərdir. Bu qrup insanların da qulluq stajına görə əmək pensiyalarına əlavələr nəzərdə tuturuq.

Üçüncü məsələ nikah yaşı ilə əlaqədardır. Bildiyiniz kimi, artıq 7 ilə yaxındır ki, bu məsələ Milli Məclisin komitə­lərində vaxtaşırı müzakirə olunurdu. İctimai rəy formala­şırdı, sosial sifariş mövcud idi və nəhayət, dünya təcrübəsinə uyğun olaraq belə bir qanun layihəsini təqdim edirik. Bu layihəyə əsasən nikaha girən qızların yaşı 17-dən 18-ə çat­dırılır. Bu üç məsələni müzakirəyə çıxarırıq. Xahiş edirəm, deputat həmkarlarım bunlara səs versinlər.

Sədrlik edən. Çox sağ olun. Bu qədər adamın hamısı çı­xış etmək istəyir? Burada ciddi polemika üçün əsas yoxdur. Hər şey aydındır. Fəzail müəllim, xahiş edirəm, bəlkə geri götürəsiniz sözünüzü?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Təkid edirsiniz? Buyurun, Fəzail Ağamalı.

F.Ağamalı. Ay qardaş, buraya niyə yığışmışıq? Yığış­mı­şıq ki, bu və ya digər ciddi məsələlərə münasibətimizi bil­dirək. Ailə Məcəlləsinə ciddi dəyişiklik edilir. Neçə müddət­dir cəmiyyətdə kifayət qədər ciddi müzakirə predmetinə çe­v­rilibdir. Hər bir Azərbaycan ailəsi...

Sədrlik edən. Bu məsələ cəmiyyətdə kifayət qədər müzakirə olunub. Sizin etirazınız var buna?

F.Ağamalı. Ziyafət müəllim, 2 məsələ qalsın və sonra müzakirə olunsun və ya 10 dəqiqə imkan yaradın, müzakirə edilsin.

Sədrlik edən. Nə təklif var? Səsə qoyaq?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Necə yəni gələn dəfə müzakirə edək? Gə­lən dəfə vaxtımız olmayacaq, qabaqda büdcə müzakirələri var. Gəlin, 10–20 dəqiqə artıq işləyək. Xahiş edirəm, Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihə­si­nə münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 18.03 dəq.)

Lehinə  96

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  96

Nəticə: Qəbul edildi

 

Sağ olun, qəbul edildi.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublika­sı­nın Qanununda dəyişikliklər edilməsi barədə qanun layihə­sinə, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 18.03 dəq.)

Lehinə  97

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  97

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Fəzail müəllim, Siz bilirsiniz ki, hörmətli Oqtay müəllim, sədarət Sizin xahişlərinizə böyük hörmətlə yanaşır. Mən xahiş etdim ki, bu dəfə sözünüzü geri götürün, amma...

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Təşəkkür edirəm. Ailə Məcəlləsində dəyi­şik­lik edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 18.04 dəq.)

Lehinə  92

Əleyhinə  0

Bitərəf  1

Səs vermədi  0

İştirak edir  93

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Nəhayət, axırıncı məsələ Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, Ziyafət müəllim. Bu məsələ Sosial siyasət komitəsi ilə birgə iclasda müzakirə olunub. Bizim komitə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Cinayət Məcəlləsinə yeni bir maddənin – qadının nikaha daxil olmasına məcburetmə əməlinin kriminallaşdırılmasını təklif etmişdi. Buna görə həm cərimə sanksiyası, həm də azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Sizi məlu­matlandırmaq istəyirəm ki, hər iki komitənin bütün üzvləri bu təklifi dəstəkləyiblər. Cəmiyyətimizdə mövcud olan belə neqativ halın qarşısının alınmasından ötrü inanırıq ki, Cina­yət Məcəlləsinin bu müddəası təsirli olacaqdır. Çox sağ olun.

Sədrlik edən. Təşəkkür edirəm. Nə kimi təkliflər olacaq?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Buyurun, qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

 

Səsvermənin nəticələri  (saat 18.05 dəq.)

Lehinə  97

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  97

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

 

 

 

EDİLMƏMİŞ

ÇIXIŞLARIN MƏTNLƏRİ

 

15 noyabr 2011-ci il

Elmira Axundova. 31-ci məsələyə dair. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qadınların erkən nikahı problemi geniş vüsət alaraq ümumrespublika əhəmiyyəti kəsb edir. Bir tərəfdən bu məsələ müsəlman xalqlarının tarixi adət-ənənəsindən irəli gəlir, digər tərəfdən erkən nikahlar cəmiy­yətin əsas özəyi olan ailə üçün boşanmadan tutmuş zəif və xəstə nəslin dünyaya gəlməsi kimi mənfi nəticələr yaradır. Buna görə də bu problemlə müxtəlif vasitələrlə mübarizə aparmaq lazımdır. Hər şeydən əvvəl önləyici izahedici işlər aparılmalıdır. Kütləvi informasiya vasitələri, televiziya və radiodan istifadə etməklə mübarizə daha effektli olardı. Təəssüflər olsun ki, bizim kütləvi informasiya vasitələrimiz bu məsələyə layiq olduğu diqqəti ayırmır və məsələni hər hansı tədbirin keçirilməsi ilə bağlı qaldırır. Mən qadınların erkən nikahının, məcburi qaydada evləndirmək kimi məsələ­lərin əleyhinə olduğumu dəfələrlə bildirmiş, bu məsələ ilə bağlı həm mətbuatda, həm də Milli Məclisin iclaslarında çıxış etmişəm. Bu baxımdan Cinayət Məcəlləsinə 176-1-ci maddənin əlavə edilməsini müəyyən mənada dəstəkləyirəm.

Amma bununla belə, “məcbur etmə” anlayışı bir az anla­şılmazlıq yaradır. Çünki bu, hüquqi termin olmadığına görə birmənalı şərh olunmur. Məcbur etməni iki cür başa düşmək mümkündür. Birinci, “məcburi evləndirməyə cəhd kimi”, ikinci, “məcburi qaydada evləndirmək faktı kimi” dəyər­lən­dirmək mümkündür. Belə olan halda aşağıdakı fərq­lər ortaya çıxır. Əvvəla, qadını nikaha daxil olmağa məcbur etmə cəhd kimi ola bilər, yəni ortada faktik nikah olmasa da, buna cəhd var. Belə olan halda kiminsə belə bir cəhdi iddia etməsi necə sübuta yetirilə bilər? Bəlkə bu şərdir, böhtandır? Bu dəyi­şiklik qüvvəyə minərsə, valideyn qızını nikaha daxil olmağa məcbur etdikdə qız polis böl­məsinə gedib ata-anasından şikayət edə bilər. Polis valideyni ya cərimələyə, ya da onu 2–3 il müddətinə azadlıqdan məhrum edə bilər. Bəs həmin qızın aqibəti bundan sonra necə olacaq? Biz onu çox ciddi təhlükə qarşısında qoymuş oluruq. Onsuz da kütləvi infor­masiya vasitələrimizdə hər gün “namus üstündə” öldürülən qadınların adları hallandırılır. Bundan sonra öz hüquqlarını qanuni yolla müdafiə etmək istəyən qızlar bu vahiməli siya­hını artırmayacaqlarmı?

İkinci, əgər 18 yaşına çatan və ya çatmayan qız oğlan tə­rə­findən nikaha məcbur edilirsə, bu, əsasən, qızı qaçırma və zorlama hadisələri ilə müşayiət olunur, belə hallar Cinayət Məcəlləsində nəzərdə tutulub və həmin cinayətlərə görə onsuz da ağır cəza müəyyən edilir.

Üçüncü, məcburi qayda da olsa, qadın nikaha daxil olub­sa, artıq bu, qurulmuş bir ailədir, uşaq gözlənilir və sair. Ailə başçısını bu maddə ilə azadlıqdan məhrum edib ailəni başsız qoyaq?

Bir müddət öncə nikaha daxil olmaq üçün “qız qaçırma” əməlini insan oğurluğu kimi dəyərləndirərək 10–15 il müd­dətinə azadlıqdan məhrumetmə cəzası müəyyən etdik. Əfv komissiyasının üzvü kimi deyə bilərəm ki, bununla bağlı xeyli sayda ərizələrlə bizə müraciət olunur. İndi isə qadını nikaha daxil olmağa məcbur etmə maddəsi ilə kim bilir nə qədər insan azadlıqdan məhrum ediləcək, neçə-neçə ailələr dağılacaq, ata-oğul, ata-qız bir-birinin üzünə duracaq, düş­mənə çevriləcək.

İnanın ki, mən də nikaha zorla daxil olmağın əleyhinə­yəm, amma medalın digər üzü də var. Axı, biz nikah insti­tu­tunun çökdüyü və ailələrin bir çox hallarda eyni cinslər arasında qurulduğu Avropada yaşamırıq. Biz hər halda mü­səl­man ölkəsində yaşayırıq və bu məsələ polis və ya hər hansı hüquq mühafizə orqanı işə cəlb olunmadan həll edilməlidir. Bu dəyişikliklə biz hüquq mühafizə orqanlarına imkan veririk ki, kobud şəkildə ailə işlərinə müdaxilə və hətta ana və ataları öz uşaqlarını istəmədikləri adamla evlən­dirdiyinə görə həbs etsinlər. Başa düşürəm ki, bu, kütləvi hal almayacaq, lakin xoşagəlməz hallar ola bilər. Əlbəttə, məc­buri nikah pis haldır, amma polis müdaxilə etdikdən sonra ailədə daha böyük problemlər yaranacaqsa, bu daha pisdir. Belə faciəli hadisələrlə biz gündəlik həyatda az rastlaşmırıq. Buna görə hesab edirəm ki, bu cür dəyişiklikləri etmək hələ tezdir və onlar xeyirdən çox ziyan gətirə bilər.

Bu məsələdə üstünlük maarifçilik işlərinə verilməlidir və əsas rol pedaqoqların, qeyri-hökumət təşkilatları üzvlərinin və nəhayət, biz deputatların üzərinə düşür. Ailə və nikah məsələlərində cəza tədbirləri ən son yoldur.

Cəmiyyətdə elə ailələr də var ki, qızlarını ailə qurmağa təh­rik edir. Çox maraqlı haldır ki, bu ailələrin böyük əksə­riyyəti möhkəm, sağlam, uzunömürlü olur. Ruslarda bununla əlaqədar hətta məsəl var: “Sterpitsa – slyubitsa”. Amma mən elə ziyalı ailələr tanıyıram ki, vaxtilə qızlarına ailə qurmaqda sərbəstlik veriblər, bu işlərə qarışmayıblar. İndi isə yaş 30-u keçdikdən sonra qızlar valideynlərini qınayırlar və danlayır­lar ki, gərək siz məni vaxtında məcburi ərə verəydiniz. Bu çox mürəkkəb, incə məsələdir. Mən həmkarlarımdan səmimi soruşmaq istərdim: indiki dövrdə təklif edilən bu maddənin ziyanı xeyrindən çox olmayacaqmı? Bu maddə nə dərəcədə müvafiq problemin həllinə təkan verəcək?

 

Cavanşir Feyziyev. Hörmətli Sədr, hörmətli deputat həm­karlarım! “Penitensiar müəssələrdə cəza çəkmiş şəxsin sosial adaptasiyası haqqında” Qanuna təklif olunan dəyişik­lik, əslində, geniş müzakirə tələb etməyən dəyişiklikdir və sözsüz, mən də digər həmkarlarım kimi bu dəyişikliyin qəbul olunmasına səs verəcəyəm. Amma bir halda ki, bu qa­nun gündəmə gəlib, yeri gəlmişkən penitensiar müəssi­sələrdə cəza çəkmiş şəxslərin sosial adaptasiyası barədə bir məsələyə toxunmaq istərdim.

Hər il ölkədə 14 mindən çox adam müxtəlif ağırlıqlı cinayətlər törədir. Onların 6 mindən çoxu məhkum olunur. Məhkum olunanların əksəriyyəti işləməyən və oxumayan əmək qabiliyyətli əhali, 200 nəfərdən artığı isə 14–18 yaşlı uşaqlardır. Rəsmi statistikaya görə məhkum olunanların sırasında əvvəllər məhkum olunmuşlar 9 faiz təşkil edir. Amma bu istiqamətdə aparılan tədqiqatların son məlumatla­rı­na görə, son zamanlar təkrar cinayət törədənlərin sayı və faiz nisbəti artmaqdadır. Hətta 9 faizlik rəqəmdən belə çıxış etsək, bunun özü də kifayət qədər yüksək göstəricidir.

 Cəzaçəkmə müddəti bitdiyinə görə, eləcə də vaxtaşırı cənab Prezidentin əfv fərmanları ilə yüzlərlə, minlərlə insan həbsxanadan azad olunur. Amma bir müddətdən sonra on­ların bir hissəsi bəzən çox xırda məsələlərə görə yenidən həbsə məhkum olunur. Bunun səbəbləri çoxdur. Amma həmin səbəblər içərisində “Penitensiar müəssisələrdə cəza çəkmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun tətbiqi ilə bağlı yer alan boşluqlar və çatışmazlıqlar da mühüm yer tutur. Belə ki, azadlığa çıxmış insanların xeyli hissəsinin öz hüquqlarını bilməməsi, iş və mənzil tapmaq, şəxsiyyət vəsiqəsi və digər sənədləri almaqla bağlı rastlaş­dıqları çətinliklər, həmin şəxslərin cəmiyyətə adaptasiya istiqamətində təlimatlandırılmaması və lazımi hüquqi, psixo­loji yardımdan və maarifləndirmə mexanizmlərindən fayda­lana bilməmələri nəticəsində bu problemlərlə baş-başa qa­lan­da, çıxış yolunu təkrar cinayətdə görürlər.

Halbuki 2007-ci il mayın 31-də Milli Məclis tərəfindən qəbul edilmiş qanunun 6-cı maddəsində bu sahədə görülməsi zəruri olan işlər çox aydın şəkildə öz əksini tapmışdır.

Bu tədbirlərə cəza çəkməkdən azad edilmiş şəxslərin qeydiyyata alınmaları, daimi yaşayış sahəsi olmayan şəxs­lərin qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşa­yış yeri ilə təmin edilmələri, həmin şəxslərin peşə hazırlıq­ları, onların işlə, tibbi və sosial yardımla təmin edilmələri, təhsil almalarına şərait yaradılması, şəxsiyyətlərini təsdiq edən və digər lazımi sənədlərlə təmin edilmələri, sosial adap­tasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilməsi, onlara hüquqi, psixoloji və informasiya yardımı­nın göstərilməsi aid edilmişdir.

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli fərmanı vardır.

Həmin fərmanda qanunda nəzərdə tutulan tədbirləri həya­ta keçirməkdən ötrü müvafiq qurumlara tapşırıqlar verilmiş, eləcə də 2008-ci ildən başlayaraq Azərbaycan Respublika­sının dövlət büdcəsinin layihəsində cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin maliyyə­ləş­dirilməsi üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Yenə də bu qanunun tətbiqi ilə əlaqədar olaraq 2009-cu il sentyabrın 1-də əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən xüsusi əmr imzalanmışdır. Bu əmrə əsasən peni­tensiar müəssisələrdən azad olunan şəxslərə minimum əmək haqqının 4 misli qədər (4*85 AZN=340 manat) birdəfəlik pul yardımı verilməsi nəzərdə tutulmuşdur.

Lakin sadalanan çox zəruri və humanist tədbirlərin həyata keçirilməsi psosesində bir ləngimə müşahidə olunmaqdadır ki, bu da təkrar cinayətlərin törədilməsi hallarını artırır.

Bu vacib problemin həllinə nail olmaqdan ötrü zəruri şərtlərdən biri Bakıda və nəzərdə tutulan 8 rayonda sosial reabilitasiya mərkəzlərinin açılmasının sürətləndirilməsidir. Sosial reabilitasiya mərkəzlərinin tezliklə açılması və peni­tensiar müəssisələrdən azad edilən şəxslərin sosial adaptasi­yası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün təd­bir­lərin həyata keçirilməsi həm cəmiyyətin, həm də ölkədə kriminogen durumun sağlamlaşmasına böyük töhfə olardı. Ona görə də təklif edərdim ki, insan taleyi ilə bağlı olan bu problem diqqətlə araşdırılsın. Əgər lazımdırsa, qanunveri­cilikdə dəyişikliklər edilsin. Əslində, həmin qanunun tətbiqi mexanizmini dolğun şəkildə həyata keçirməklə bu prob­lemin qurbanlarının sayının minimuma endirilməsi istiqamə­tində səylər artırılsın.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi