2011-ci il 22 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ

AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ MƏCLİSİNİN

IV SESSİYASI İCLASININ

 

PROTOKOLU № 25

 

Milli Məclisin iclas salonu.

22 noyabr 2011-ci il

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O.Əsədov sədrlik etmişdir.

 

İclasda Milli Məclisin 106 deputatı iştirak etmişdir.

 

Qeydiyyat (saat 12.00 dəq.)

İştirak edir  106

Yetərsay  83

 

 İclasa dəvət olunmuşlar:

 

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.

Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.

Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.

Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.

Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.

Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.

Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.

Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.

Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniy­yət və turizm naziri.

Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.

Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə na­zi­ri.

Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.

Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.

Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.

Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.

Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.

 

Rüfət Aslanlı, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.

Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.

Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.

Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.

Nazim İbrahimov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri.

Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.

Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.

Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.

Ramiz Həsənov, Azərbaycan Respublikasının Stan­dart­laş­dırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səd­ri.

 

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.

Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.

 

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.

Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

 

Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.

 

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Pa­la­tasının sədri.

Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

 

 

Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.

Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.

Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə  hallar nazirinin müavini.

Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.

İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

İlham Quliyev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini.

Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.

Aynur Sofiyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

Vidadi Zeynalov, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri.

Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  şöbə müdiri.

Ədalət Muradov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin  şöbə müdiri.

Natiq Şirinov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.

Akif Musayev, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.

Rafiq Məcidov, Azərbaycan Respublikası Kənd Təsər­rüfatı Nazirliyinin şöbə müdiri.

 

Həsən Hacıyev, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsinin müavini.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il üçün xərclər smetası haqqında.

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında.

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

 

Gündəlik haqqında.

 

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.01 dəq.)

Lehinə  103

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  103

Nəticə: Gündəlik qəbul edilsin

 

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Samir Şərifov, Şahin Mustafayev, Heydər Əsədov, Arif Rəhimzadə, Gövhər Baxşəliyeva, Fəzail Ağamalı, Rüstəm Xəlilov, Vahid Əhmədov, Əli Məsimli, Əli Əhmədov, Jalə Əliyeva, Fərəc Quliyev, Rafael Cəbrayılov, Azay Quliyev, Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Azər Badamov, Yaqub Mahmudov, Zahid Oruc, Valeh Ələsgərov

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri          

O.ƏSƏDOV

 

 

 

MİLLİ   MƏCLİSİN   İCLASI

 

22 noyabr  2011-ci  il. Saat 12.

 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri

O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Bildiyiniz kimi, bu gün biz 2012-ci il üçün dövlət büdcəsinin və büdcə zərfinə daxil edilən sənədlərin müzakirəsinə başlayırıq.

Hörmətli millət vəkillərindən xahiş edirəm, qeydiyyatdan keçsinlər.

 

Qeydiyyat  (saat 12.00 dəq.)

İştirak edir  106

Yetərsay  83

 

Yetərsay var, çox sağ olun.

Gündəlik hamınıza paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.01 dəq.)

Lehinə  103

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  103

Nəticə: Qəbul edildi

 

Gündəlik qəbul edildi, sağ olun.

Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə davamlı iqtisadi inkişaf və makroiqtisadi sabitlik təmin edilmişdir. Bu gün Milli Məclisdə müzakirəsinə baş­la­dı­ğı­mız büdcə zərfi sənədləri də ölkə həyatında müşahidə olunan inkişaf dinamikasının bir göstəricisidir.

Qeyd olunmalıdır ki, 2012-ci il üçün dövlət büdcəsinin və büdcə zərfinə daxil edilmiş digər sənədlərin layihələri ölkə­mizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunmuşdur. Cari ilin 9 ayının nəticələri göstərir ki, ilin sonuna qədər ümumi daxili məhsul istehsalında artım (1 faizə yaxın) əldə ediləcəkdir. Burada xüsusi qeyd olunmalıdır ki, neft sektorunda sabitliyin sax­lanıl­ması ilə yanaşı, iqtisadiyyatın qalan sahələrində təqribən 8–9 faiz artım əldə olunacaqdır. Gələn il ümumi daxili məhsul istehsalının 57 faizindən çoxu qeyri-neft sektorunun payına düşəcəkdir. Bu isə neftdən əldə olunan gəlirlər hesabına qeyri-neft sektorunun inkişafı siyasətinin davam etdirilməsinin bariz göstəricisidir.

Bir neçə rəqəmi də müqayisə etmək istərdim. 2012-ci ildə ölkə iqtisadiyyatına 14 milyard manata yaxın sərmayə qo­yula­caqdır. Bu, cari illə müqayisədə 10 faizə yaxın artım deməkdir. Önəmlidir ki, investisiyaların ümumi həcmində daxili sərmayələrin payı 70 faizdən çox olacaqdır.

Ötən dövrdə olduğu kimi, gələn il də əhalinin maddi rifah halının yüksəldilməsi diqqət mərkəzində olacaqdır. Orta aylıq əmək haqqının 432 manata çatdırılması, yaxud 11,6 faiz artırılması proqnozlaşdırılır.

İqtisadiyyatda baş verən real struktur dəyişiklikləri onun neft amilindən asılılığının azaldılmasına, qeyri-neft sekto­ru­nun, xüsusən kənd təsərrüfatının, emal sənayesinin, turiz­min, xidmət sahələrinin genişlənməsinə, regionların inkişa­fına­, insan resurslarından səmərəli istifadə olunmasına yö­nəl­­mişdir. Bu baxımdan makroiqtisadi sabitliyin qorunub sax­­lanıl­ması, ölkəmizin dünya iqtisadiyyatına inteqrasi­yasının sürətləndirilməsi, iqtisadi tənzimləmə mexanizminin sadələşdirilməsi dövlət büdcəsi zərfinin əsas məqamlarıdır.

Dövlət büdcəsinin gəlirlərində və xərclərində mühüm kə­miy­yət və keyfiyyət dəyişiklikləri baş vermişdir. Büdcə gə­lir­ləri 16,4 milyard manat məbləğində müəyyən edilmiş­dir. Bu, cari ilin təsdiq olunmuş göstəricilərinə nisbətən təqri­bən 5,7 faiz çoxdur. Gəlirlərin 73 faizinin neft sektoru­nun, 27 fai­zinin isə qeyri-neft sektorunun payına düşəcəyi proqnoz­laşdırılır.

Gələn il dövlət büdcəsinin gəlirləri hesablanarkən dünya maliyyə bazarlarının konyunkturasına, əvvəlki illərin təcrü­bəsinə istinad olunmuş, neftin qiymətində baş verə biləcək dəyişikliklər nəzərə alınaraq onun bir barrelinin qiyməti 80 ABŞ dolları məbləğində götürülmüşdür.

Büdcə siyasətində ən mühüm məsələlərdən biri daxil olmuş pul vəsaitlərinin optimal bölgüsü, təyinatı üzrə qəna­ətlə istifadəsi və proseslərin şəffaflığının təmin edilməsidir. 2012-ci ildə dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 39 faizi həcmində proqnozlaşdırılıb. Bu, 17 mil­yard manat və ya 21,5 milyard ABŞ dolları deməkdir. Be­ləlik­lə, büdcə xərclərində cari illə müqayisədə 1 milyard manat­dan çox, yaxud 6,5 faiz artım nəzərdə tutulur.

2012-ci ildə dövlət büdcəsi xərclərinin ayrı-ayrı isti­qamətləri barəsində İqtisadi siyasət komitəsinin sədri və maliy­yə naziri öz çıxışlarında ətraflı məlumat verəcəklər. Bununla bağlı mən yalnız bir məsələni qeyd etmək istərdim. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin dövlət büdcəsi də sosial və investisiya yönümlü olacaqdır. Belə ki, sosial məqsədlərə ayrılan xərclər büdcənin ümumi xərclərinin 28 faizini, mütləq ifadədə 4,7 milyard manat təşkil edəcəkdir. Bu isə cari ilə nisbətən 10 faiz artım deməkdir. Yəni gələn il əsaslı vəsait qoyuluşları 7,8 milyard manat, yaxud ümumi xərclərin 46 faizi həcmində proqnozlaşdırıla bilər.

Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güc­lən­dirilməsi, ordunun, hüquq mühafizə və məhkəmə haki­miyyəti orqanlarının maddi-texniki bazasının möh­kəm­lən­diril­məsi, bu sahələrdə xidmət edənlərin sosial müdafi­əsinin təmin olunması məsələləri də diqqət mərkəzində sax­lanıla­caqdır.

Hörmətli millət vəkilləri, mən qısa şəkildə söylədiyim fikirlərimi yekunlaşdıraraq qeyd etmək istərdim ki, Azər­baycan hökuməti büdcənin tərtibi praktikasını ildən-ilə tək­mil­ləşdirir. 2012-ci ilin dövlət büdcəsi zərfi də mü­kəmməl hazırlanmış və qanunvericiliklə müəyyən olunmuş qaydada Milli Məclisə təqdim olunmuşdur.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, 2012-ci ilin büdcə zərfi Milli Məclisin bütün komitələrində və Aparatın müvafiq şöbələrində dərindən öyrənilmiş, Hesab­lama Palatasının rəyləri nəzərə alınmaqla müzakirə üçün Milli Məclisin plenar iclasına tövsiyə olunmuşdur.

Mən ümidvaram ki, millət vəkillərimiz bu müzakirələrdə fəal iştirak edəcəklər və biz onların dəyərli fikirlərini və təkli­flərini dinləyəcəyik.

Əgər etiraz eləmirsinizsə, iclasın reqlamentini müəy­yənləşdirək. Təklif edirəm ki, müzakirələrə İqtisadi siyasət komitəsi sədrinin, maliyyə və iqtisadi inkişaf nazirlərinin məruzələri ilə başlayaq və sonra Hesablama Palatasının sədrini dinləyək. Etiraz yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Ziyad  müəllim, buyurun.

Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.

Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Artıq Oqtay müəllim 2012-ci ilin dövlət büdcəsinin başlıca məqsədləri barədə qısa məlumat verdi.

2011-ci ildə Azərbaycan xalqı müstəqilliyinin 20 illiyini bayram etmişdir. Bu bayramla əlaqədar cənab Prezidentin geniş, ətraflı məruzəsində qeyd olunmuşdur ki, Azərbaycan 20 il ərzində çox böyük – 10 illiklərə bərabər yol keçmişdir. Bu illər ərzində Azərbaycan xalqı öz müstəqilliyini qoruyub saxlamış, dövlətimiz inkişaf edib, dünyada tanınan dövlətlər sırasına daxil olmuşdur. Azərbaycan televiziyasının müstə­qilliyi­mizin 20 illiyinə həsr etdiyi silsilə verilişlərə baxarkən hamı bir azərbaycanlı kimi qürur hissi duyurdu, çünki döv­lə­ti­miz bütün çətinliklərə baxmayaraq, 20 il ərzində öz iq­ti­sadiy­­yatını gücləndirmiş, beynəlxalq aləmdə siyasi qüdrətini artırmış, istər regionda, istərsə də dünyada tanınan, seçilən ölkələrdən birinə çevrilmişdir.

Hörmətli millət vəkilləri, bilirsiniz ki, ölkənin iqtisadi siyasətini bütövlükdə əhatə edən sənədlərdən biri dövlət büd­cə­sidir. Hər bir ölkədə dövlət büdcəsi haqqında məsələ mü­­zakirə olunarkən ictimaiyyət tərəfindən geniş diqqətlə izlənilir. Bütün dünya ölkələrində bu gün ən böyük prob­lemlərdən biri dövlət büdcəsi və onun müzakirəsi ətrafında gedən danışıqlardır. Bir sıra ölkələrdə dövlət büdcəsi artıq bütöv­lükdə ölkənin müqəddəratını həll edən vacib sənəd­lərdən birinə çevrilmişdir.

Müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev ölkədə büdcə və pul-kredit sisteminin təkmilləşməsi üçün da­vamlı olaraq  tədbirlər planı həyata keçirmişdir. Bilavasitə onun rəhbərliyi ilə ölkədə güclü iqtisadi qanunvericilik ba­zası yaradılmışdır ki, onun tərkib hissələrindən biri də “Büd­cə sistemi haqqında” Qanundur. İstər bu, istərsə də digər qa­nunların qəbul edilməsi bütövlükdə Azərbaycanın beynəl­xalq aləmdə tanınmasında çox böyük rol oynamışdır. Son illərdə “Büdcə sistemi haqqında” Qanuna edilən dəyişiklik­lər, pul-kredit sisteminin təkmilləşməsi, iqtisadiyyatın və sahib­karlığın inkişafı ilə əlaqədar olaraq qəbul edilmiş qanunlar bütövlükdə Azərbaycanın dövlət büdcəsinin ildən-ilə sanballı tərtibi üçün əsaslar yaratmışdır.

Oqtay müəllim qeyd etdi ki, 2012-ci ilin dövlət büdcəsi çox mürəkkəb şəraitdə hazırlanmasına baxmayaraq, demək olar ki, bütün dünyəvi meyarlara cavab verir. Artıq dünyada sübut olunmuşdur ki, ənənəvi oyun qaydaları ilə ölkə iqti­sadiy­yatını idarə etmək olmaz. Bu qaydalar bu gün Avro­panın bir sıra ölkələrində çox ciddi sarsıntılar yaratmışdır. Azər­baycan dövləti ənənəvi oyun qaydalarını kənara qo­ya­raq öz inkişaf modelini seçmiş, bu modeldə də milli maraq­ları ön plana çəkmişdir. Əgər biz Azərbaycanın dövlət büd­cəsini bu meyarlar baxımından təhlil etsək, görərik ki, bu, sözün əsl mənasında, ölkənin milli maraqlarına, iqtisadi təh­lü­kəsizliyinə cavab verən bir sənəddir.

Milli Məclisin komitələrində bu qanun layihəsi çox ətraflı müzakirə olunub və çox dəyərli fikirlər söylənilib. Yəqin ki, gələcəkdə hökumət və Maliyyə Nazirliyi tərəfindən reallıq­lar nəzərə alınaraq, bu təkliflər də birmənalı şəkildə də­yər­lən­­diriləcəkdir. Eyni zamanda, onların hansı realdırsa, nəzə­rə alınması, meyar götürülməsi də diqqət mərkəzində ola­caq­dır. Azərbaycan dövləti bu gün dünyada elə nadir dövlət­lərdən biridir ki, büdcə siyasətində irəli sürdüyü məqamlar onun gəlirlərini dinamik artırır. Artıq bilirsiniz ki, bir çox ölkələrdə büdcənin azalması meyilləri güclənir. Ona görə mən çox qısa olaraq Azərbaycanın dövlət büdcəsi ilə əlaqə­dar bəzi məqamları sizin nəzərinizə çatdırmaq istərdim.

İlk növbədə Azərbaycanın dövlət büdcəsi hazırlanarkən ölkə iqtisadiyyatında baş verən pozitiv meyillərin güclən­məsi nəzərə alınmış, eyni zamanda, dünya maliyyə bazarın­da və iqtisadiyyatında baş verən neqativ hallar diqqətlə təhlil edilmişdir ki, biz həmin meyillərdən öz mənafelərimizi qoruya bilək.

Azərbaycan dünyanın bir hissəsidir və 150-dən artıq ölkə ilə idxal-ixrac əməliyyatları aparır. Eyni zamanda, beynəl­xalq təşkilatlar  qarşısında da öhdəliklərimiz var və bunlar Azərbaycan dövlətinin büdcəsinə təsir edir. Lakin Azərbay­can dövlətinin reallığı ondan ibarətdir ki, büdcədə həmin məsə­lələr daha obyektiv surətdə nəzərə alınmışdır. Azər­baycan dövlətinin büdcə gəlirlərinin formalaşmasına, təbii ki, bir çox amillər təsir edir. Mən məmnunluq hissi ilə qeyd et­mək istəyirəm ki, artıq uzun illərdir, Azərbaycan iqtisadiy­yatında büdcə gəlirlərinin formalaşmasında heç bir problem yaran­mır. Vergilər Nazirliyinin və Dövlət Gömrük Komi­təsinin xətti ilə yığılan vergilər bütövlükdə ölkənin dinamik inki­şafından xəbər verir.

Bayaq Oqtay müəllim bir rəqəm dedi. Biz Maliyyə, Vergilər və İqtisadi İnkişaf nazirliklərinin əməkdaşları ilə bunu təhlil etdik. 2005-ci ildə Azərbaycanın büdcə gəlir­lərin­də qeyri-neft sektoru üstünlük təşkil edirdi. 2006-cı ildən, biz ilkin nefti hasil edəndən sonra, – təbii ki, bunun üçün çox vaxt lazım idi, ulu öndər məhz buna görə də neft stra­tegi­yasını hazırlamışdı, – nisbət dəyişdi. Bu nisbətin dəyiş­məsi nəticəsində imkanlarımız xeyli artdı. 60 faiz qeyri-neft sektorunun payına düşürdü, lakin bizim vergi daxilolmalarımızda həmin payın miqdarı cəmi 470 milyon manat idi. Son illərdə Vergilər Nazirliyi tərəfindən daxilol­malar 8,9 dəfə artmışdır.

Bütövlükdə neft gəlirlərinin büdcə gəlirlərinin struk­turunda artması obyektiv bir zərurətdir və biz bunu müəyyən dövrlər üçün qəbul etməliyik, çünki Dövlət Neft Fondu yaradılmasaydı, biz, təbii ki, bu inkişafa nail ola bilməzdik. Son 3 ildə dövlət büdcəsinin xərcləri 44 faiz artıb. Bu, dün­ya­da nadir göstəricilərdən biridir. Yəni bu rəqəm dünyanın çox ölkələrində yoxdur. 3 il ərzində büdcə gəlirlərini və xərc­lərini 44 faiz artırmaq hər ölkəyə nəsib olmur. Bu, eyni za­manda, riskli addımdır, ancaq cənab Prezident inkişaf et­miş ölkələrlə aramızda olan fərqi aradan qaldırmaq üçün bunu etdi.

2003-cü ildə Azərbaycanın adambaşına düşən xarici borcunun miqdarı büdcə gəlirlərinin hər nəfərinə düşən miqdarından çox idi. Təsəvvür edirsiniz, Azərbaycan vətən­daşının hər bir nəfərinə düşən borc büdcə gəlirlərindən çox idi. Amma 2012-ci il üçün müəyyən olunan büdcədə adam­başına düşən gəlirlərin miqdarı bizim xarici borcdan 4,2 dəfə çoxdur. Budur bizim reallığımız. Bu nəyə imkan verdi? İlk növbədə ona imkan verdi ki, irimiqyaslı layihələr həyata keçirək, yoxsulluğun səviyyəsini azaldaq, sosial sahələrin inkişafı üzrə üzərimizə düşən öhdəlikləri həll edək, əmək haqqı və digər müavinətləri artıraq, dünya ölkələri içərisində İnkişaf İndeksi Göstəricisinə görə qabağa çıxaq. Bütövlükdə təhsilin, elmin, səhiyyənin inkişafına ayrılan vəsaitlərin di­nami­kasına baxanda inana bilmirsən ki, qısa zaman kəsiyin­də bu qədər işlər görülmüşdür.

Təbii ki, problemlər var. Mən istərdim, bu gün əvvəlki çıxışlarımdan fərqli olaraq millət vəkillərinin nəzərinə bir neçə məsələni də çatdırım. Dövlət büdcəsi ölkə iqtisadiy­yatının güzgüsüdür və büdcənin strukturu dövlətin siyasəti, hansı yolla inkişaf etməsi haqqında məlumat verir. 9–10 il bundan qabaq imkanlarımız yox idi, sənaye siyasətindən  danışa bilmirdik və real sektorun inkişafına ayrılan vəsait­lərin məhdudluğu bizi çox narahat edirdi.

Burada əyləşən bəzi insanlar uzun illər Azərbaycan iqtisa­diy­yatının ayrı-ayrı sahələrində fəaliyyət göstəriblər. Amma biz bu gün dövlət büdcəsi vasitəsi ilə ölkənin energetika bazasının möhkəmləndirilməsindən  danışırıq. Ayrılan kre­dit­lər, aşağı faizlə alınan borclar nəyə xidmət edir? Əlbəttə, ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə. Yəqin, hörmətli Samir müəllim və iqtisadi inkişaf naziri bu barədə kifayət qədər informasiya verəcəklər.

Biz 5–6 il bundan qabaq iqtisadi inkişaf proqnozlarına təəc­cüblə baxırdıq, çünki bu proqnozlarda şərtilik çox idi. Bu gün isə Azərbaycan dövlətinin və hökumətinin apardığı siyasətin nəticəsi olaraq cəsarətlə demək olar ki, artıq yaxın 5–10 ilə inkişaf strategiyasını müəyyən etmək mümkün olacaq. Nə üçün? Energetika bazasını möhkəmlətmişik, artıq enerji ixrac edirik. Dövlət Neft Fondundan gələn gəlirlərin hesa­bına ora vəsaitlər ayırmışıq.

Mən böyük sevinclə bildirmək istəyirəm ki, biz bu gün artıq sənaye siyasətindən, Gəncə maşınqayırma-traktor zavo­dunun fəaliyyətindən danışırıq. Ölkənin daxili bazarını qorumaq üçün ora lizinq vasitəsi ilə vəsaitlər ayrılır və bu da dövlətimizin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumatlar əsasında idxal-ixracın strukturuna baxanda idxalda avadanlıqların xüsusi çəkisinin əvvəlki illərə nisbətən daha çox artdığını görürük. Nə üçün? Yeni istehsal müəssisələri, yeni texnolo­giyalar istifadəyə verilir, ölkənin bütövlükdə iqtisadiyyatının maddi-texniki bazası möhkəmlənir və bu məsələlər dövlət büdcəsində ana xətt kimi irəli sürülür. Bir neçə il bundan qabaq dövlət əmlakından istifadə ilə əlaqədar olaraq nara­hatlıq keçirirdik. Buna səbəb metallurgiya və əlvan metall­ur­gi­ya sənayesinin sıradan çıxması idi. Amma bu gün Azər­bay­­canın dövlət başçısının səyi, rəhbərliyi, tapşırığı ilə höku­mətimiz bu sahələrdə ciddi dəyişikliklər əldə edib. Gəncə­də alüminium zavodunun və kompleksə daxil olan bir neçə müəssisənin istifadəyə verilməsi, Daşkəsəndə görülən işlər, neft emalı kompleksinin tikilməsinə ayrılmış külli vəsait­lər gələcəkdə bu proseslərin daha da güclənməsinə şərait yaradacaq.

Artur müəllim də, hamınız da bilirsiniz, SSRİ dövləti həmişə Azərbaycanı danlayırdı ki, burada neftin emalının dərinliyi cəmi 52–55 faizdən yuxarı qalxmır. Texnologiya zəif idi. Baxmayaraq ki, 1970-ci illərdə böyük işlər görül­müş­dü, amma biz indi bu işləri daha geniş şəkildə görürük. Nə üçün? Dünya bazarına çıxmaq üçün. Maliyyə imkan­larımız, Dövlət Neft Fondunda vəsaitlərimiz var. Bu vəsaitlə neft emalı zavodunda yeni neft-kimya kompleksi tikməklə dünya bazarına çıxacağıq. Həm xam neft, həm də hazır neft məhsulları verəcəyik ki, bu da Azərbaycan iqtisadiyyatının dirçəlməsidir. Bu da bilavasitə dövlət büdcəsinin müəyyən etdiyi prioritetlərdən biridir.

Eləcə də Bakı Dəniz limanının, gəmiqayırma zavodunun, digər emal müəssisələrinin tikilməsini götürək. Bir iqtisadçı kimi dərin minnətdarlıqla bildirmək istəyirəm ki, gələ­cəyimiz real sektorla bağlıdır. Biz real sektoru inkişaf etdir­mə­sək, ölkənin müdafiə qabiliyyətini də möhkəmlədə bil­mərik. Cənab Prezidentin bilavasitə tapşırığı ilə artıq Azər­baycanın Müdafiə Sənayesi Nazirliyi çox səmərəli fəaliy­yət göstərir. Mən bunları ona görə deyirəm ki, bunlar bilavasitə dövlət büdcəsinin prioritetləridir.

Hərdən inana bilmirsən ki, qısa zaman kəsiyində ölkədə bu qədər tikinti həyata keçirilir. Nəqliyyat kompleksi inkişaf et­dirilir, yollar çəkilir. Bəzən deyirlər ki, infrastruktura ay­rı­lan vəsait çoxdur. Ola bilər, gələcəkdə bu qədər olmasın, an­caq bu gün ölkə iqtisadiyyatını inkişaf etdirmək, gələcək­də döv­lət büdcəsinin gəlirlərini artırmaq üçün fundament ya­rat­malıyıq. Fundament nədən ibarətdir? Ondan ibarətdir ki, biz yol­lar çəkirik, körpülər salırıq, suvarma sistemlərini təkmil­ləş­diririk, kənd təsərrüfatına Sahibkarlığa Kömək Milli Fon­du vasitəsilə vəsaitlər ayırırıq. Qısa zamanda döv­lət büd­cə­sin­dən ayrılan vəsaitlər hesabına artıq bu, 700 mil­yon ma­nat­lıq bir fond olub. Yəni bu gün Sahibkarlığa Kö­mək Milli Fo­ndunun 700 milyon manatdan artıq vəsaiti var. Bu nə de­mək­dir? Heç şübhəsiz ki, bu, özəl sektorun inki­şafına ay­rı­la­caq­dır. Bütövlükdə alternativ boru, qaz kə­mərləri, Bakı–Tb­i­l­­i­si–Qars dəmir yolu, digər marşrutlar, yol­lar ölkənin iqtisadi təh­lükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Mən bunu səmimi deyirəm, bəzən söyləyirlər ki, 2012-ci ilin dövlət büdcəsində dövlət investisiyaları çoxdur. Axı, bu gün özəl sektor bu investisiyaları qura bilmir. Özəl sektor 80 faiz ümumi daxili məhsul istehsal edir, amma vergilərdə payı aşağıdır. Bu da təbiidir. Biz kənd təsərrüfatında vergiləri azaltmışıq, güzəştli kreditlər veririk. Ona görə də mən belə hesab edirəm ki, – bizim komitələrdə söylənən fikirləri deyirəm, – bu gün bu investisiyalar qoyulmasa, özəl sektor sanballı şəkildə inkişaf etməyəcək. Özəl sektorun sosial məsuliyyətini artırmaq üçün biz ona hərtərəfli şərait yaratmalıyıq. Azərbaycan hökuməti də bu istiqamətdə çox ciddi tədbirlər həyata keçirir.

Mən səmimiyyətlə bildirmək istəyirəm ki, bəli, aqrar sektora ayrılan vəsaitlərin büdcədə faizi aşağıdır. Lakin bu, real­lığı əks etdirmir. Bu  ancaq idarəetmə xərcləri ilə əla­qədar­dır. Amma meliorasiya sisteminin yenidən qurulması, böyük Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilməsi, kanali­za­si­ya, su təchizatı sistemlərinin yaxşılaşdırılması – bütün bun­­lar ölkənin iqtisadi təhlükəsizliyinə, iqtisadi inkişafına xid­mət edir.

Bir neçə il bundan qabaq beynəlxalq təşkilatlar müzaki­rələr zamanı bizə irad tuturdular ki, siz büdcə xərclərini 10–12 faiz artırırsınız. Hörmətli Abid müəllim onda dedi ki, siz istəyirsiniz, bizim suvarma sistemimiz olmasın? Siz istəyirsiniz ki, biz təmiz su içməyək, kanalizasiyası olmayan şəhərlərdə yaşayaq? Amma bu gün cənab Prezidentin tapşırığı ilə bütün regionlarda bu istiqamətdə işlər görülür. Nəyin hesabına? İlk növbədə dövlət büdcəsinin vəsaitləri, Dövlət Neft Fondundan transfertlərin hesabına. Eyni zamanda, beynəlxalq əməkdaşlıqda əldə etdiyimiz uğurların nəticəsidir ki, bizə ucuz, 20–30 illik kreditlər verirlər. Biz də bu kreditlərdən səmərəli istifadə etməliyik.

Müzakirələrdən sonra mətbuatda yazırlar ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu və Dövlət büdcəsinin Ehtiyat Fondu qapalı fondlardır. Nə qədər haqsız bir ittihamdır. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu ilə əlaqədar 51-dən yuxarı sərəncam im­zala­nıb. Bu sərəncamlar nə vaxt imzalanır? Dövlət büdcəsi vəsait­ləri cənab Prezident tərəfindən təhlil edilir və region­lara səfər zamanı öyrənilir ki, bu rayonda işlər yaxşı gedir, bura vəsaiti artırmaq olar. Buna müvafiq olaraq sərəncam imzalanır. Heç bir qapalılıq yoxdur, Azərbaycan dövlətinin büdcəsi şəffaflığına görə seçilən, sayılan büdcələrdən biridir. Amma “Azərbaycan dövlətinin, Prezidentinin ehtiyat fond­ları qapalıdır” demək həddən artıq haqsızlıqdır.

Millət vəkilləri haqlı olaraq dövlət büdcəsinin kəsiri mə­sə­­ləsinə müsbət münasibət bildirdilər. Görürsünüz, dünyanın bir çox ölkələrində dövlət başçıları dəyişir. Nəyə görə? Borc­­lanma probleminə görə. Ona görə ki, büdcə kəsiri 9–10–12 faizdir. Amma 2012-ci ildə bizim dövlət büdcəsinin kə­­siri 0,9 faiz olacaq. Kifayət qədər imkanımız var. Maliyyə na­ziri də, hörmətli Artur müəllim də – hamı da bilir ki, biz kə­­sirsiz büdcə tərtib edə bilərdik. Cəmi 300 milyondan söh­bət gedir. Ancaq biz nəyə görə bu kəsirə gedirik? Daxildə borc­lanmanı, pul dövriyyəsini nizamlamaq üçün buna ge­dirik. Azərbaycan dövlətinin bugünkü qloballaşan dünyada büd­­­cəsinin kəsirini 0,9 faiz müəyyən etməsi, heç şübhəsiz ki, dövlət büdcəsinin müsbət addımı kimi qiymət­ləndiril­mə­li­dir.

Dünyanı narahat edən problemlərdən biri borc prob­lemi­dir. Dövlət büdcəsi müzakirə olunan zaman bir çox göstəri­cilər təhlil olunur. Mən o göstəriciləri sizə dedim – ehtiyat fondu, büdcə gəlirləri, büdcə xərclərinin srtukturu, inves­tisi­ya xərcləri və sair. Təbii ki, bizim xərclərimizin içərisində əsas­lı təmirə, əsaslı qoyuluşa olan xərclər artmalıdır. Əsaslı qo­yuluşun içərisində isə texnoloji avadanlıqlar artmalıdır. Mən dünən İqtisadi İnkişaf Nazirliyinin rəhbərləri ilə söhbət et­mişəm. Hazırda biz yollar çəkirik, körpülər salırıq, su­var­ma sistemləri tikirik. Bu mərhələdə tikinti-quraşdırma iş­lə­ri­nin sayı çox olacaq, amma bir müddətdən sonra biz maraqlı olmalıyıq ki, Azərbaycan iqtisadiyyatının əsas fondları olan strukturunda avadanlıqlar daha üstünlük təşkil etsin.

Borc problemi. Amerika  Birləşmiş Ştatlarının xarici borcu ümumi daxili məhsulun həcminə bərabərdir. İtaliyada, Almani­yada, Portuqaliyada, Yunanıstanda ümumi daxili borc ümumi daxili məhsulun 160–170 faizini təşkil edir. Bi­zim xarici borcumuz nə qədərdir? Dünya ölkələri içərisində ən aşağı, cəmi 9,2 faizdir. Burada da cənab Prezident haqlı olaraq deyir: “Biz kifayət qədər borc ala bilərik, borc vermək istəyənlər çoxdur, amma biz elə eləməliyik ki, bu borcların strukturu təkmilləşsin”. Mənim də hökumətdən, Maliyyə Nazirliyindən, digər təşkilatlardan xahişim budur ki, borclar alırlar, onların tərkibinə bir də baxaq. Amma bizim 5 milyard borcumuz gələcəkdə o qədər də problem olmayacaq.

Azərbaycanın qlobal maliyyə böhranında heç bir bankla, heç bir dövlətlə, heç bir beynəlxalq qurumla borc problemi yaranmadı. Nə üçün? Çünki borclar hökumət tərəfindən ciddi, səmərəli şəkildə idarə olunur. Mənim əlimdə kifayət qədər informasiya var. Milli Məclisin komitələrinin, o cümlədən İqtisadi siyasət komitəsinin birmənalı mövqeyi ondan ibarətdir ki, Azərbaycan dövlətinin borc siyasəti milli maraqlara cavab verir. Dünyadır, borc alıram, borc verirəm. Sən borc verməsən və almasan, səninlə əməkdaşlığa pis baxırlar. Bəzən deyirlər ki, qapalı iqtisadiyyatdır.

Mən Maliyyə Nazirliyinin rəhbərliyi ilə söhbət etdim və soruşdum ki, bu layihə bizə nə qədər lazımdır? İzah edirlər və əsaslandırırlar ki, açıq  iqtisadiyyat qururuq, ona görə lazımdır.  Bizim gizli bir şeyimiz yoxdur. Biz cinayətkarlığa qarşı qanun da qəbul etdik. Biz ona görə borc siyasətinə gedirik ki, dünyanın bir hissəsiyik. Onlardan yeni texnolo­giya, yeni menecment, yeni oyun qaydaları, yeni iqtisadi təfəkkür götürürük və təbii ki, biz borclanma prosesinə getməliyik. Ancaq yenə də deyirəm, arzum ondan ibarətdir ki, biz gələcəkdə dünya böhranından, dünya bazarında baş verən proseslərdən istifadə edərək bir neçə mütərəqqi zavod alaq. Milli iqtisadiyyatımızın strukturunda artıq ayrı-ayrı maddələri məhsulların adı ilə yox, sanballı, formalaşmış sahələrlə göstərək.

Mən vaxtınızı çox almaq istəmirəm. Azərbaycan döv­lə­ti­nin büdcəsi müzakirə olundu və Vergilər Nazirliyinin rə­qəm­ləri göstərdi ki, həqiqətən, qeyri-neft gəlirləri bir­mənalı şə­kildə sürətlə artır. Hesablamalar kifayət qədər vardır. Ver­gi­lər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin bə­yan­na­mələri, birpəncərə prinsipi – bütövlükdə 68–70 faiz könüllü vergi ödəyirlər. 10 il bundan qabaq bu rəqəm vardımı? Nə qədər gərginliklər var idi. Ona görə, hesab edirəm ki, həm büdcə gəlirlərinin formalaşması, həm də büdcə xərclərinin strukturu beynəlxalq standartlara cavab verir.

Mən, eyni zamanda, hörmətli Heydər müəllimə təşəkkür edirəm, Hesablama Palatasının rəhbəri kimi çox dəyərli rəy hazırlayıb. Yeri gəlmişkən, qeyd edim ki, Milli Məclisin qurumu olan Hesablama Palatasının bu yaxınlarda 10 illiyi yüksək səviyyədə qeyd olundu. Dünyanın aparıcı ölkələrinin hesablama palatalarının rəhbərləri gəlmişdilər. Onlar bizim parlamentin fəaliyyəti ilə, Hesablama Palatasının hazırladığı arayışlarla tanış olduqda birmənalı şəkildə qeyd edirdilər ki, həqiqətən, Azərbaycanda şəffaf büdcə sistemi tərtib olunur, büdcəyə ciddi nəzarət var, parlamentdə müzakirələr getdikcə təkmilləşir.

Təbii ki, problemlər çoxdur. Rayonlarda əmək haqlarında, sosial müavinətlərdə problemlər var. Mən cənab Prezidentə, Azərbaycan hökumətinə təşəkkürümü bildirirəm ki, bu ya­xın­lar­da məşğulluq haqqında strategiya hazırlanıb. Məşğul­luq haqqında strategiya nə deməkdir? Bu yenidən bizim real sektorumuzun canlanması, demoqrafik proses­lərin kompleks təhlili deməkdir. Biz bir yerdə işçini ixtisar ediriksə, gərək təcili olaraq onun başqa bir yerdə işə qəbul olunmasına nail olaq. Bunun üçün nə etmək lazımdır? Treninqlər keçiril­məlidir, texniki peşə məktəblərinin inşası ilə əlaqədar vəsai­t­lər daha da artırılmalıdır. Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənməlidir. Bizim təhsil sistemində o qədər problemlərimiz var ki. Lakin ana xətt ondan ibarətdir ki, dövlət büdcəsində müəyyən edilmiş bu xərclər həm təhsil, həm səhiyyə sisteminin, həm də bütövlükdə elmin inkişafını təmin edir.

Hörmətli Oqtay müəllim, mən çıxışımı bitirmək istəyi­rəm.  Kifayət qədər materiallar, informasiyalar var, amma birmənalı şəkildə demək olar ki, bu gün qloballaşan dünya iqtisadiyyatında ağır sarsıntıların olduğu bir şəraitdə büd­cənin belə tərtibi, gələcəyə hədəflənmiş parametrləri, ölkə­nin maddi-texniki bazasının keyfiyyətcə yenidən qurul­ması, eyni zamanda, sosial proqramlar büdcəmizin  bu gün mü­zakirəyə çıxarılmasına və ona müsbət münasibət bəslənil­məsinə tam əsas verir.

2010 və 2011-ci illərdə heç bir sosial proqram yarımçıq qalmadı. Əksinə, Prezidentin 51 sərəncamının içərisində ba­xın görün, nə qədər məsələlər var. Xəstəxanaların, diaqno­s­ti­ka mərkəzlərinin, ucqar rayonlarda məktəblərin tikilməsi – bütün bunların reallaşması bir il içərisində nəzərdə tutulub. Ola bilsin ki, müəyyən bir rayonda bu məsələ nəzərə alın­mayıb, hər hansısa bir obyektin dövlət büdcəsi tərəfindən maliyyələşməsinə az vəsait nəzərdə tutulub. Amma biz populi­zmdən çox reallığa baxmalıyıq. Risklərin azalmasına, təmk­inli büdcənin hazırlanmasına nail olmalıyıq ki, hökumət də bunu edib. Millət vəkillərindən xahiş edərdim ki, təklif­lərini bildirsinlər və biz sonra hökumətlə birlikdə bunları ümumiləşdirək. Çox sağ olun.   

Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, buyurun.

S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2012-ci il dövlət büdcəsi haqqında Azərbaycan Res­publikası qanununun layihəsi Azərbaycan Respubli­ka­sının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respubli­ka­­sının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş­dir. 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məc­lisin bütün komitələrində hökumət nümayəndələrinin iş­ti­rakı ilə ətraflı müzakirə edilmiş və onun Milli Məclisin ple­nar iclaslarında müzakirəyə çıxarılması tövsiyə edilmişdir.

Müzakirənizə təqdim edilmiş 2012-ci ilin dövlət büd­cə­sinin layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün aspektlərini özündə birləşdirən və uğurla həyata keçirilən strategiyasına uyğun olaraq növbəti illərdə də davamlı iqtisadi artım üçün müvafiq kəmiyyət və keyfiyyət təminatı yaradır.

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin layihəsi tərtib olunarkən “Büdcə sistemi haqqında” Azər­baycan Respublikasının Qanununa müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqti­sadi vəziyyəti və  ortamüddətli inkişafına təsir göstərən da­xili, xarici amillər nəzərə alınmış və 2011-ci ilin ötən 9 ayı ərzində dövlət büdcəsinin icra vəziyyəti təhlil olunmuşdur.

2012-ci il dövlət büdcəsinin göstəriciləri. Hörmətli millət vəkilləri, 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələri hazırlanarkən Azərbaycan Respublikasının Prezidenti möh­tərəm cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı üçün müəyyən etdiyi strateji xəttə və prioritet inkişaf istiqamətlərinə uyğun olaraq sosial məsələlərin həllinə, əhalinin maddi rifah halının və məşğulluq səviyyəsinin artırılmasına, ölkəmizin müdafiə potensialının gücləndiril­məsinə, onun iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, ölkə regionlarının tarazlı inkişafına, sahibkarlığa dəstək və iqtisadiyyatın digər mühüm sahələrinin inkişafına dair qəbul olunmuş məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilmiş və büdcədə tələb olunan məbləğdə vəsait nəzərdə tutulmuşdur.

2012-ci il dövlət büdcəsinin layihəsinin tərtibi zamanı ortamüddətli dövrə, yəni 2012–2015-ci illər üzrə hazırlanan Azərbaycan Respublikasının makroiqtisadi proqnozuna uy­ğun olaraq 2012-ci ildə ümumi daxili məhsulun 5,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 8,6 faizlik artım sürəti əsas götürülmüş, dövlət büdcəsi gəlirlərinin hesablanması üçün bir barrel xam neftin satış qiyməti 80 ABŞ dolları səviyyəsində qəbul olunmuşdur.

Dünya iqtisadiyyatında davam edən təzadlı iqtisadi durum və Avropa Birliyinə daxil olan bir çox dövlətlərdə yaşanan kəskin suveren borc böhranı, onun Avropa maliyyə-bank sisteminə, habelə qlobal iqtisadi artıma mənfi fəsadları şəraitində 2012-ci ilin dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə ehtiyatla yanaşılmış, dövlət büdcəsinin cari xərclərində, əsasən, 2011-ci ilədək icrasına başlanılmış dövlət proqramlarının və sosial tədbirlərin maliyyələşdirilməsinə üstünlük verilmişdir.

2012-ci il və sonrakı 3 il ərzində ölkənin makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorunun da­yanıq­lı inkişafına və iqtisadiyyatın tənzimlənməsində dövlət büdcəsinin əsas iqtisadi alətlərdən birinə çevrilməsinə nail ol­maq qarşıya qoyulmuşdur. 2012-ci il dövlət büdcəsi layi­hə­sinin tərtibi prosesinin və xərclərinin strukturunun təkmil­ləş­dirilməsi, səmərəliyinin və ünvanlılığının təmin edilməsi, xərc­lərin orta və uzunmüddətli dövrləri əhatə edən proq­ram­lar və adambaşına maliyyələşmə prinsipi əsasında proqnoz­laş­dırılmasının daha da genişləndirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, növbəti və sonrakı 3 ili əhatə edən dövrdə dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində həmin dövr üçün icmal büdcənin göstəriciləri hazırlanmış, büdcə təşkilatlarının büdcədən gəlirləri üzrə vəsaitlər “Əsas bölmələrə aid edilməyən xidmətlər” böl­mə­sin­dən çıxarılaraq aidiyyəti bölmələrin xərclərinə, “Avto­mobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti istifadə isti­qamətlərinə uyğun olaraq əsaslı xərclərdən çıxarılaraq cari xərclərə aid edilmişdir. Əvvəllər “Sair xərclər” paraqrafında nəzərdə tutulan vəsaitlər isə həmin paraqrafdan çıxarılaraq təyinatı üzrə aidiyyəti xərc maddələrinə əlavə edilmişdir.

2011-ci il dövlət büdcəsinin layihəsi və onun dəqiqləş­dirilməsi, həmçinin 2010-cu il dövlət büdcəsinin icrasının Milli Məclisdə müzakirəsi zamanı hörmətli millət vəkil­lərinin, Hesablama Palatasının irəli sürdüyü təklif və tövsi­yələr öyrənilmiş, onların bir çoxu 2012-ci il dövlət büdcəsi layihəsinin tərtibi zamanı nəzərə alınmışdır.

2012-ci il dövlət büdcəsinin gəlirləri və əsas daxilolma mənbələri. 2012-ci ildə vergi və qeyri-vergi gəlirlərinin yığım əmsalını artırmaq, vergi inzibatçılığını təkmil­ləş­dirmək, vergi borclarının azaldılması üçün zəruri tədbirlər gör­mək qarşıya qoyulmuşdur. 2012-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində müəyyən edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 1,1 faizdən çoxdur. Mütləq ifadədə dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat proqnozlaşdırılıb ki, bu da 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz və ya 882,2 milyon manat, 2010-cu ilin faktiki icrasına nisbətən isə 44,1 faiz və ya 5 milyard 33 milyon manat çoxdur.

Vergilər Nazirliyi tərəfindən 5 milyard 310 milyon manat daxilolma nəzərdə tutulmuşdur ki, bu da 2011-ci ilin eyni göstəricilərinə nisbətən 2,9 faiz və ya 150 milyon manat, 2010-cu ilin faktiki icrasına nisbətən isə 23,7 faiz və ya 1 milyard 17 milyon manat çoxdur. Növbəti ildə Dövlət Göm­rük Komitəsi tərəfindən dövlət büdcəsinə 1 milyard 200 milyon manat gəlirin təchiz edilməsi proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 5,3 faiz və ya 60 milyon manat çox deməkdir.

Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti 9 milyard 905 milyon manat (2011-ci illə müqayisədə 701,8  milyon manat və ya 7,6 faiz çox), sair daxilolmalar isə 21 milyon manat təşkil edəcəkdir.

2012-ci il dövlət büdcəsinin xərclərinin strukturu və əsas istiqamətləri. Hörmətli millət vəkilləri, dövlət və icmal büdcə xərclərinin optimallaşdırılması istiqamətində aparıl­mış məqsədyönlü və davamlı tədbirlərin nəticəsi olaraq büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar tərəfindən 2012-ci il dövlət büdcəsi üçün təqdim edilmiş xərclər üzrə büdcə sifarişlərinin həcmi 2011-ci illə mü­qa­yi­sədə 1 milyard 900 milyon manat və yaxud 7,9 faiz azalaraq 21 milyard 700 milyon manat olmuşdur. Bütövlükdə cari xərclər üzrə təqdim olunmuş büdcə sifarişlərinin 78,1 faizi həcmində vəsait 2012-ci il dövlət büdcəsinin xərclərində nəzərə alınmışdır ki, bu da 2011-ci illə müqayisədə 10,6 faiz çox deməkdir. Müdafiə olunan xərclər üzrə sifarişlər isə mövcud normalar çərçivəsində tam nəzərə alınmışdır.

2012-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 39,1 faizi həcmində və yaxud 2011-ci illə müqayi­sədə 1,5 faizdən çox nəzərdə tutulur. Mütləq ifadədə 2012-ci il dövlət büdcəsinin xərcləri 16 milyard 984 milyon manat təşkil edəcək ki, bu da 2011-ci ilə nisbətən 6,5 faiz və ya 1 milyard 43 milyon manat, 2010-cu ilin faktiki icrası ilə müqayisədə isə 44,4 faiz və ya 5 milyard 219 milyon manat çox deməkdir.

Dövlət büdcəsi xərclərinin 51,8 faizini cari xərclər, 46,1 faizini əsaslı xərclər, 2,1 faizini isə dövlət borcuna xidmətlə bağ­lı xərclər təşkil edəcək. Mütləq ifadədə isə müvafiq ola­raq cari xərclərə 8 milyard 794 milyon manat, dövlət bor­cu­na xidmətlə bağlı xərclərə 362,4 milyon manat, əsaslı xərc­lərə isə 7 milyard 828 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2011-ci ilə nisbətən müvafiq olaraq 1 milyard 78 milyon manat və ya 14 faiz çox, əsaslı xərclərdə isə 50,1 milyon manat və ya 0,6 faiz az deməkdir. 2011-ci illə müqayisədə 2012-ci il dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 3,4 faiz artmış, əsaslı xərclərin və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə müvafiq olaraq 3,3 və 0,1 faiz azalmışdır.

Cari ilə nisbətən 2012-ci ildə funksional istiqamətlər üzrə iqtisadi fəaliyyət xərcləri 56,3 faiz, əsasən, Sahibkarlığa Kömək Milli Fonduna xərclərin artımı hesabına nəqliyyat və rabitə xərcləri 24,9 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 16,6 faiz, təhsil xərcləri 12,6 faiz, sosial müdafiə və sosial təminat xərcləri 10,5 faiz, mənzil kommunal təsərrüfatı xərcləri 8,6 faiz, elm xərcləri 7 faiz, səhiyyə xərcləri 5,7 faiz, kənd təsərrüfatı, meşə təsər­rüfatı və balıqçılıq xərcləri 4,3 faiz, müdafiə xərcləri 1,2 faiz artımla proqnozlaşdırılmışdır.

2012-ci il dövlət büdcəsinin cari xərclərinin artımını 2011-ci ildə pensiyaların və bəzi təşkilatlar üzrə əmək haq­la­rı­nın artımının tətbiqi, su, kanalizasiya, poçt-rabitə xid­mət­ləri və mühafizə xərcləri üzrə tariflərin və ölkədaxili eza­miy­yət xərclərinin, gözlənilən inflyasiyaya uyğun olaraq ər­zaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması xərc­lərinin artırılması, fəaliyyətə başlamış və başlanılması göz­lənilən bir sıra yeni müəssisələrin və tədbirlərin maliyyə tə­minatı ilə bağlı əlavə xərclərin, həmçinin dövlət əsaslı vəsait qoyuluşu və digər maliyyələşmə mənbələri hesabına yeni tikilib istifadəyə verilmiş sosial infrastruktur ob­yekt­lə­ri­nin saxlanılması ilə bağlı xərclərin və dövlət büdcəsinin eh­tiyat fondlarının xərclərinin artımları şərtləndirmişdir. 2012-ci il dövlət büdcəsində məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün xərclərin 49,2 faizi həc­mində və yaxud 8 milyard 361 milyon manat vəsait nə­zər­də tutulmuşdur.

Sosial yönümlü xərclərin əsas istiqamətləri. Hörmətli mil­lət vəkilləri, 2012-ci ildə də əhalinin rifah halının, onun mad­di təminatının yaxşılaşdırılması ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kursun priori­tet istiqamətini təşkil edəcək. Sosial yonümlü xərclərin büd­cə­dəki xüsusi çəkisi 27,8 faiz olmaqla 2011-ci illə mü­qayisədə 0,9 faiz artmışdır. Mütləq ifadədə isə bu xərclər 2011-ci illə müqayisədə 417 milyon manat və ya 9,7 faiz, 2010-cu ilin faktiki icrası ilə müqayisədə isə 1 milyard 10 milyon manat və ya 27,3 faiz artaraq 4 milyard 713 milyon manata çatacaq.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycan Res­publi­kası Prezidenti cənab İlham Əliyevin davamlı kur­suna müvafiq olaraq 2011-ci ildə əmək haqlarının, pensiy­a­ların, bir sıra müavinət və təqaüdlərin artımının təmin edil­məsi və cari ilin sonuna gözlənilən artımın tətbiqi hesabına 2012-ci il dövlət büdcəsində 800 milyon manat vəsait nəzər­də tutulub. Təsir dairəsinə uyğun olaraq bu artımlar ilk növbədə pensiya təminatı sistemində aparılmış islahata və 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tətbiq edilməsinə, dövlət büd­cə­sin­dən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haq­la­rı­nın  artımının davamlı maliy­yə­­­ləşməsinə imkan verəcəkdir.

Zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və tə­qa­üd­lərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşa­ğın anadan olmasına görə, müharibə veteranlarına verilən müavinətlərin, məcburi köçkünlərə verilən yemək xərcinin, şəhid ailəsi və müharibə əlilləri üçün Azərbaycan Respub­lika­sı Prezidentinin təqaüdünün, ali, orta ixtisas, ilk peşə ixti­­sas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, dok­to­rant­lara verilən təqaüdlərin artırılması ilə bağlı xərclərin stabil maliyyələşdirilməsi təmin ediləcəkdir.

2012-ci ildə ünvanlı dövlət sosial yardımının təyin olun­ma­sı üçün istifadə edilən ehtiyac meyarının həddinin artımı nə­zər­də tutulur. Bununla əlaqədar müvafiq qanun layihəsi büdcə zərfinə daxil edilmişdir. Bu məqsədlə 2012-ci il döv­lət büdcəsi layihəsində tələb olunan məbləğdə vəsait proq­noz­­laşdırılmışdır.

2012-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müda­fiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənc­lər siyasəti tədbirləri xərcləri üçün 4 milyard 325 mil­yon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2011-ci illə müqayisədə 10,8 faiz və ya 421 milyon manat çox deməkdir. Bütövlükdə həmin sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibindəki xüsusi çəkisi 25,5 faizə çatmaqla 2011-ci illə müqayisədə 1 faiz artmışdır.

Mərkəzləşdirilmiş xərclərdə bilavasitə əmək haqqının ar­tı­mı və dövlət büdcəsindən subsidiya alan təşkilatlar üzrə nə­zərdə tutulan əmək haqqı üçün ayrılmış vəsait də nəzərə alınmaqla 2012-ci il dövlət büdcəsi xərclərinin 3 milyard 13 milyon manatı əməyin ödənişi xərclərinə yönəldiləcəkdir ki, bu da 2011-ci illə müqayisədə 307 milyon manat və ya 11,3 faiz çoxdur.

2012-ci ilin dövlət büdcəsində sosial sahələr üzrə məq­səd­li dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 666 milyon manat vəsait nəzərdə tutulmuşdur. Məq­səd­li olaraq 2012-ci ildə elmi tədqiqat layihələrinin Azər­bay­can Respublikası Prezidenti yanında Elmin İnkişaf Fon­du vasitəsi ilə həyata keçirilməsinə 7 milyon manat, latın qra­fi­kalı kitabların çap edilməsinə 5 milyon manat, “2008–2012-ci illərdə Azərbaycan Respublikasında təhsil siste­mi­nin informasiyası üzrə Dövlət Proqramı”nın maliyyə­ləş­diril­mə­sinə 16,5 milyon manat, ali təhsil sistemində yeni maliy­yə­ləşmə mexanizminin tətbiqinə 90 milyon manat, məktəbə­qə­dər təhsilin maliyyələşdirilməsinə 8,5 milyon manat, ölkə­nin ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərslik­lərlə təmin olunması xərclərinə 8,1 milyon manat, “Texniki peşə təhsilinin inkişafı Proqramı”nın maliyyə təminatına 1,7 milyon manat vəsait nəzərdə tutulur.

Səhiyyə sahəsi üzrə. Xroniki böyrək çatışmazlığı ilə bağlı tədbirlərin həyata keçirilməsinə 23,5 milyon manat, hemo­fi­li­ya və talassemiya irsi qan xəstəlikləri üzrə tədbirlərə 20,6 mil­yon manat, “Şəkərli diabet üzrə Dövlət Proqramı”nın ma­liyyə­ləşdirilməsinə 12,2 milyon manat, onkoloji xəstə­lərin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə tədbirlər proq­­ramına 14,5 milyon manat, yoluxucu xəstəliklərin im­mu­no­profilaktikasına dair tədbirlər proqramına 4,5 milyon manat, Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısı­nın alınması və onunla mübarizəyə 3 milyon manat, ana və uşaq­ların sağlamlığının qorunması üzrə tədbirlərə 2 milyon manat, vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliy­yə­ləşdirilməsinə 3,5 milyon manat vəsaitin ayrılması nəzə­r­də tutulur.

Mədəniyyət və idman üzrə. 2012-ci ilin dövlət büdcəsində id­­man, mədəniyyət sahəsi üzrə yeni qəbul edilmiş “Azər­bay­can gəncliyi 2011–2015-ci illərdə Dövlət Proqramı”nın icra­sı üçün 25 milyon manat, XXX Yay Olimpiya Oyunlarında ölkəmizin yüksək səviyyədə təmsil olunması üçün 6 milyon manat vəsait nəzərdə tutulur.

“Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqra­mı”nın tətbiqinə 9,1 milyon manat, mədəniyyət müəssisə­lə­ri­nin yenidən qurulması, əsaslı təmiri və maddi-texniki bazasının möhkəmləndirilməsi proqramına 6 milyon manat, “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 6,5 milyon manat, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqra­mı”nın tətbiqi ilə əlaqədar xərclərə 2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. “2009–2014-cü illərdə Azərbay­can­da şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın maliy­yə təminatı üçün 1,6 milyon manatın ayrılması nəzərdə tutulmuşdur. Vaxt məhdudiyyətini nəzərə alaraq 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş digər proqramları və tədbirləri tam sadalamaq istəmirəm.

Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclə­ri. Ölkənin milli təhlükəsizliyinin müdafiə qabiliyyətinin güc­lən­diril­məsi və maddi-texniki bazasının möhkəmləndiril­mə­si üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərc­lərdə nəzərdə tutulmuş vəsait də nəzərə alınmaqla) müdafiə xərclərinə 2012-ci il dövlət büdcəsi xərclərinin 14,8 faizi həcmində və ya 2 milyard 509 milyon manat vəsait ayrı­la­caqdır ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çox de­mək­dir. Eyni zamanda, qeyd olunmalıdır ki, 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə müda­fiə yönümlü xərclər üçün təxminən 200 milyon manat civarında vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqan­larının saxlanması xərcləri dövlət büdcəsi xərclərinin 5,6 faizi və ya 944,6 milyon manat həcmində olmaqla 2011-ci illə müqayisədə 0,7 faiz artacaqdır.

Əsaslı xərclərin istiqamətləri. 2012-ci il dövlət büdcəsinin əsaslı xərcləri 7 milyard 828 milyon manat təşkil edəcəkdir ki, bu da 2011-ci ilə nisbətən 50 milyon manat və ya 0,6 faiz azdır. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2011-ci illə müqayisədə 3,3 faiz azalaraq 46,1 faiz olacaqdır. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərc­lərinə 5 milyard 774 milyon manat vəsait yönəldiləcək.

Ölkənin sosial-iqtisadi inkişaf məqsədlərinə uyğun olaraq daha əlverişli investisiya mühitinin təmin edilməsi və iqtisadi sabitliyin qorunması prinsiplərinə əsaslanaraq dövlət əsaslı vəsait qoyuluşu xərcləri ilk növbədə 2012-ci ildə tamam­lanması və icrasının davam etdirilməsi nəzərdə tutu­lan layihələrin maliyyə təminatına yönəldiləcəkdir.

Xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərc­lər istisna olmaqla əsaslı xərclərin 381 milyon manatı (2011-ci illə müqayisədə 194,5 milyon manat və ya 13,2 faiz çox) döv­lət büdcəsinin müvafiq xərc bölmələrində öz əksini tap­maq­la, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layi­hə­lərin, bina və qurğuların, yolların yenidən qurulması və əsaslı təmirinə, qeyri-maliyyə aktivlərinin alınmasına yönəl­diləcəkdir. Dövlət büdcəsi ilə yanaşı, 2012-ci ildə Dövlət Neft Fondunun büdcəsindən də bir sıra investisiya layihə­lərinin maliyyələşdirilməsinə 563 milyon manat vəsait ayrılacaq. Həmçinin 2012-ci ildə xarici kreditlər hesabına bir sıra investisiya layihələrinin maliyyələşdirilməsinə 1 milyard 473 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatı, nəqliyyat, sənaye və tikinti, mənzil və kom­mu­nal təsərrüfatı xərclərinin əsas istiqamətləri. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, sənaye və tikinti, nəqliyyat, rabitə və mənzil kommunal təsərrüfatı xərclərinə 2012-ci il dövlət büdcəsindən 921 milyon manat vəsait ayrılacaqdır ki, bu da cari illə müqayisədə 7,8 faiz və ya 67 milyon manat çoxdur. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,4 faiz təşkil edəcək. Kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edən meliorasiya, irriqasiya və suvarma sistemlərinin sabit maliy­yə təminatı üçün dövlət büdcəsinin cari xərclərindən 226 milyon manat, meşə təsərrüfatı, balıqçılıq, ətraf mühitin müha­fi­zəsi, hidrometeorologiya və digər ekoloji tədbirlərin hə­ya­ta keçirilməsi xərclərinə 55 milyon manat, torpaq isla­ha­tı, geodeziya-topoqrafiya, torpaq kadastrı və xəritəçəkmə tədbirlərinin həyata keçirilməsinə 14 milyon manat, digər aqrar tədbirlərin maliyyə təminatına isə 66 milyon manat vəsait ayrılacaqdır. Məqsədli olaraq “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nı həyata keçirmək üçün 2012-ci il dövlət büdcəsində 112 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Hörmətli millət vəkilləri, eyni zamanda, qeyd etmək istər­dim ki, dövlət büdcəsinin cari xərcləri ilə yanaşı, ilbəil elmi tədqiqat institutlarının maliyyələşdirilməsi, aparatın, kitab­xa­na fondunun saxlanılması və sair dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, dövlət büdcəsinin ehtiyat fondundan ayrılan, həmçinin Dövlət Neft Fondunun vəsaitləri və xaric­dən cəlb edilən kreditlər hesabına kənd təsərrüfatının və aq­rar sektorun inkişafına da vəsait yönəldilir. Dövlət büdcə­si­nin kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri bölməsində nəzərdə tutulmuş vəsaitlə yanaşı, qeyd etdiyim mənbələr də nəzərə alınmaqla icmal büdcədən ölkənin kənd təsərrüfatı, ekologiya və aqrar sektoruna üst-üstə təxminən 1 milyard manat və yaxud dövlət büdcəsinin cari xərclərində nəzərdə tutulmuş vəsaitdən 534 milyon manat və ya 2 dəfədən də çox vəsait göndərilib. 

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti möh­­tə­rəm cənab İlham Əliyevin aqrar sektora qayğı və diq­qə­ti­nin bariz nümunəsidir. Hesab edirəm ki, kənd təsərrüfatı sek­toruna ayrılan vəsaitdən və bu sahədə formalaşmış müa­sir maddi-texniki bazadan daha səmərəli və məqsədyönlü isti­fa­də etməklə kənd təsərrüfatı  məhsullarının istehsalı və ema­lı­nı artırmaq hazırda qarşımızda duran mühüm vəzifələr­dən biridir.

2012-ci ildə ölkədə yolların yenidən qurulması və əsaslı təmiri, abadlıq işlərinin daha da genişləndirilməsi məqsədi ilə 448 milyon manat, o cümlədən abadlıq işləri üçün 197 milyon manat, yolların yenidən qurulması və əsaslı təmiri, istismarı və saxlanması xərcləri üçün 251 milyon manat vəsait nəzərdə tutulmuşdur. Abadlaşdırmaya və yollara ayrı­lan vəsaitin 168 milyon manatı rayon və şəhərlərin küçə və yollarının xidmət və əsaslı təmiri xərclərinə yönəldiləcək. Dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar tərəfindən göstərilən bir sıra iş və xidmətlər üzrə mövcud tariflərin həmin iş və xidmətlərin real maya dəyərindən aşağı olması, istehsal prosesi ilə bağlı yaranan zərərin ödənilməsi, həmçi­nin dövlət tərəfindən bir sıra müəssisə və təşkilatlara edilən ma­liy­yə yardımı (subsidiyalar) üçün 2012-ci il dövlət büdcə­sindən 287 milyon manat vəsait yönəldiləcəkdir.

İqtisadi fəaliyyət və əsas bölmələrə aid edilməyən xərc­lə­rin əsas istiqamətləri. Ölkədə, xüsusilə regionlarda sahibkar­lı­ğın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə ma­liy­yə dəstəyinin genişləndirilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafı, idxalı əvəz edən rəqabətə davamlı məhsulların istehsalını stimullaşdıran infrastruktur layihələrinin maliyyə təminatı üçün 2012-ci ilin dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fonduna 90 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2011-ci illə müqayisədə 56 milyon manat və ya 2,6 dəfə çoxdur.

Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büd­­cə­sinə ayrılan dotasiya hesabına sahibkarlığa maliyyə dəstəyi üçün 6 milyon manat vəsait yönəldiləcəkdir. Bütöv­lükdə 2006–2011-ci illərdə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 453 milyon manat vəsait ayrılmışdır və hazırda fondun dövriyyə vəsaiti 720 milyon manat təşkil edir.

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fer­­mer­lərə  kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazir­liyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 8 milyon manat, kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiy­yətinə 35 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Fəaliyyətə başladığı dövrdən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən üst-üstə 185 milyon manat, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Na­zir­liyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə isə 40 milyon manat vəsait ayrılmışdır.

2012-ci ildə sosial ipotekanın tətbiqi üçün İpoteka Fon­du­na 20 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Əv­vəlki illəri də nəzərə alsaq, görərik ki, artıq İpoteka Fonduna dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği 116 milyon manat səviyyəsinə çatmışdır.

Dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması xərcləri üçün 2012-ci ilin dövlət büdcəsindən 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutu­lur. Əvvəlcədən dövlət büdcəsində nəzərdə tutulmayan bir sıra zəruri xərclərin maliyyələşdirilməsi üçün “Büdcə sis­te­mi haqqında”  Azərbaycan Respublikası Qanununun 19.6-cı mad­dəsi rəhbər tutulmaqla  2012-ci il dövlət büdcəsinin ehti­yat  fondlarına  800 milyon manatın ayrılması nəzərdə tutu­lur. Bunun da 300 milyon manatı Azərbaycan Respub­li­ka­sı Prezidentinin Ehtiyat Fonduna, 500 milyon manatı isə Azərbaycan Respublikasının Dövlət büdcəsinin ehtiyat  fon­du­na yönəldiləcək.

Növbəti ildə bələdiyyələrə  dövlət dəstəyi olaraq dotasiya forma­sında 3,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Dövlət borcunun idarə edilməsi və digər dövlət tədbirləri ilə bağlı xərclər. Hörmətli millət vəkilləri, möhtərəm Prezi­den­timiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsində Azərbaycan  daha da güclənir, dünya birliyi çərçivəsində nüfuzlu söz sahibinə, bölgənin apa­rıcı dövlətinə, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. Bu kontekstdə ölkəmizin beynəlxalq münasibət­lə­ri­nin, həmçinin dövlətin daxili və xarici borclarının, beynəl­xalq təşkilatlara üzvlük haqlarının idarə edilməsi növbəti ildə də diqqət mərkəzində saxlanılacaqdır.  2011-ci il 1 oktyabr tarixində beynəlxalq və digər maliyyə-kredit təşki­lat­ları ilə 9,4 milyard ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanmışdır. İmzalanmış kredit sazişləri üzrə 4,5 milyard ABŞ dolları ekvivalentində məbləğ artıq istifadə olunmuşdur. İstifadə olunmuş kreditlər üzrə xarici dövlət borcumuz 2011-ci il üçün gözlənilən ümumi daxili məhsu­lun 8,4 faizi həcmindədir.

2012-ci il dövlət büdcəsindən dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər üçün 362 milyon manat və yaxud dövlət büdcəsi xərclərinin 2,1 faizi səviyyəsində və­sait ayrılacaqdır. 2011-ci illə müqayisədə bu, 16 milyon ma­nat və ya 4,5 faiz çox deməkdir.

2012-ci ildə diplomatik xidmət orqanlarının və konsul­luq­la­rın saxlanması xərcləri üçün 54 milyon manat (2011-ci illə müqayisədə 1,8 milyon manat və ya 3,5 faiz çoxdur) vəsait ayrılmışdır. Beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı üçün 47 milyon manat vəsait nəzərdə tutul­muş­dur. Ölkəmizdə və xaricdə gözlənilən çoxsaylı beynəl­xalq və respublika səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərc­lərin maliyyələşdirilməsi üçün 77 milyon manat vəsait yönəldiləcəkdir.

Dövlət büdcəsinin yerli gəlir və xərcləri. 2012-ci ilin büd­cə­sində rayon və şəhərlər üzrə yerli gəlirlər 500 milyon ma­nat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 52 mil­yon manat və ya 11,7 faiz, 2010-cu ilin faktiki icrası ilə müqa­yi­sədə 68 milyon manat və ya 15,6 faiz çoxdur. 2012-ci il dövlət büdcəsinin yerli xərcləri 1 milyard 397 milyon manat həcmində proqnozlaşdırılmışdır ki, bu da 2011-ci ilə nisbətən 81 milyon manat və ya 6,2 faiz, 2010-cu ilin faktiki icrasına nisbətən isə 256 milyon manat və ya 22,5 faiz çox­dur. Bütövlükdə yerli xərclər dövlət büdcəsi xərclərinin 8,2 fai­zi­ni təşkil edəcəkdir. Azərbaycan Respublikası Preziden­ti­nin ölkənin rayon və şəhərlərinin iqtisadi potensialının artı­rıl­ması üçün qarşıya qoyduğu vəzifələrin davamlı icrasının məntiqi nəticəsi olaraq 2012-ci ildə rayon və şəhərlərin yerli gəlirlərinin artımı hesabına dövlət büdcəsindən yerli xərclərə yönəldilən maliyyə yardımının (dotasiyasının) məbləği 68 milyon manat və ya 7,9 faiz, xərclərin tərkibində xüsusi çəkisi isə 4,5 faiz azalmışdır.

Hörmətli millət vəkilləri, sizin təklifləriniz də nəzərə alın­maq­la 2012-ci ildən başlayaraq rayon və şəhərlərin ərazi­sin­də fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin dövlət büd­cə­sinin mərkəzləşdirilmiş gəlirlərinə ödədikləri bəzi vergi ödə­niş­ləri rayon və şəhərlərin yerli gəlirlərinə daxil edil­miş­dir. Bu mexanizmin tətbiqi regionların inkişafı və iqtisadi durumu haqqında real vəziyyəti qiymətləndirməyə, onların mər­­­kəzdən iqtisadi asılılığının azaldılmasına real imkanlar yara­dacaqdır. Müsbət hal kimi qeyd edilməlidir ki, həmin mexa­nizmin tətbiqi hesabına 2012-ci ildə Sumqayıt şəhə­ri­nin və Abşeron rayonunun yerli gəlirləri xərclərini, demək olar ki, tam təmin edəcək və bir sıra rayon və şəhərlərin dövlət büdcəsindən aldığı dotasiyanın  həcmini əhəmiyyətli dərəcədə azaldacaqdır.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi. 2012-ci il dövlət büdcəsinin kəsiri 548 milyon manat və ya ümumi daxili məhsulun 1,3 faizi həcmində nəzərdə tutulub. Kəsirin maliyyələşdiriməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan, 2012-ci ilin 1 yanvar tarixinə dövlət büdcə­si­nin vahid  xəzinə hesabının qalığı və büdcə təşkilatlarının ödə­niş­li xidmətlərindən daxilolmalar və xarici qrantlar hesa­bı­na həyata keçiriləcəkdir.

İcmal büdcənin göstəriciləri. Hörmətli millət vəkilləri, ica­zə verin, icmal büdcənin göstəriciləri barədə qısa məlu­mat verim. Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin gəlirləri 18 milyard 220 milyon manat olmaqla 2011-ci ilə nisbətən 8,8 faiz və ya 1 milyard 762 milyon ma­nat az, xərcləri isə 20 milyard 26 milyon manat olmaqla cari ilə nisbətən 7,6 faiz və ya 1 milyard 412 milyon manat çox nə­zər­də tutulmuşdur.

İcmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublika­sı­nın büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 305 milyon manat səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2011-ci illə müqayisədə 3,4 faiz və ya 9,9 milyon manat çox demək­dir. Xərclərin 5,5 faizi və ya 47,3 milyon manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 84,5 faizi və ya 257 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına  formalaşacaqdır.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət  Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2011-ci ilə nisbətən 289 milyon manat və ya 13,3 faiz, 2010-cu ilin faktiki  icrasına nis­bətən isə  686 milyon manat və ya 38,8 faiz artımla proq­noz­laşdırılaraq 2 milyard 454 milyon manat təşkil edəcəkdir. Gələn il Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 1 milyard 44 milyon manatı dövlət büdcəsinə verilən transfert hesabına ötürüləcəkdir ki, bu da 2011-ci illə müqayisədə 17,9 faiz və ya 158 milyon manat, 2010-cu ilin faktiki icrasına nisbətən isə 84,3 faiz və ya 478 milyon manat çox deməkdir. Dövlət büdcəsindən ayrılan transfertin  fondun tər­­ki­bindəki xüsusi çəkisi cari illə müqayisədə 1,6 faiz bənd artaraq 42,5 faiz təşkil edəcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə­si­nin xərcləri 10 milyard 483 milyon manat proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 6,4 faiz çoxdur. Dövlət büdcəsindən ayrılan 9 milyard 905 milyon manat  transfertlə yanaşı, 2012-ci ildə Dövlət Neft Fondunun vəsaitindən bir sıra investisiya layihələrinin maliyyələşdirilməsinə 563 mil­yon­­ manat və “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xa­ri­ci ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyə­ləş­dirilməsinə isə 15 milyon manat vəsaitin yönəldilməsi proqnoz­laşdırılır.

2012-ci il icmal büdcəsinin kəsiri 1 milyard 806 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə 12 mil­yard 503 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 28,8 faizi həcmində olacaqdır. 

Hörmətli millət vəkilləri, bir ay əvvəl ölkəmiz müstə­qil­li­yi­nin bərpa edilməsinin 20 illiyini təntənəli şəkildə qeyd etdi. Bu müddət ərzində ölkəmiz olduqca mürəkkəb, lakin şərəfli bir yol keçmiş, dünya miqyasında layiqli bir yer tutmuş və genişmiqyaslı nailiyyətlərə imza atmışdır.  Bu nailiy­yətlərin əldə edilməsində Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliye­vin tarixi rolu və töhfələri qeyd olunmalıdır. Heydər Əliyev Azərbaycanın müstəqilliyini xarici təzyiqlərdən qoru­maqla, onun parçalanmasının qarşısını almaqla, ölkə həyatının bütün istiqamətləri üzrə islahatları – möhtəşəm neft strategiyasını həyata keçirməklə iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı üçün münbit şərait yaratmışdır.

Heydər Əliyev siyasi irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş, son 8 il ər­zin­də iqtisadiyyatın real həcmləri 3 dəfə artmış, əhalinin sosial və maddi rifahı dəfələrlə yüksəlmişdir. Ölkəmizin bey­nəl­xalq aləmdə nüfuzu da sürətlə artmışdır.

2012-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsi, Azərbaycan Respublikasının müstəqilliyinin bun­dan sonra da möhkəmləndirilməsi və inkişaf etdirilməsi məqsədlərinə xidmət edir. Hörmətli millət vəkilləri, bunları nəzərə alaraq sizi Azərbaycan Respublikası Prezidenti tərə­fin­dən təqdim edilən 2012-ci il dövlət və icmal büdcə layihələrinin  və sonrakı 3 il üçün icmal büdcənin göstərici­lə­ri­ni bəyənərək qəbul etməyə çağırıram. Diqqətinizə görə təşək­kür edirəm.    

Sədrlik edən. Sağ olun, Samir müəllim. Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayevə söz verilir. Buyurun.

Ş.Mustafayev,  Azərbaycan Respublikasının iqtisadi inki­şaf naziri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Bu gün müzakirənizə Azərbaycan Respublikasının 2012-ci il və gə­lən 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proq­noz  göstəriciləri təqdim olunmuşdur. Konsepsiyada əsas məq­­səd­lər kimi möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, ölkəmizin beynəlxalq birliyin daha fəal üzvünə çevrilməsinə hesablanmış siyasətinə uyğun olaraq azad rəqabətə əsas­la­nan sosial yönümlü müstəqil milli iqtisadiyyatın inkişafı, diver­si­fikasiyası, qeyri-neft sektorunun prioritetliyinə əsas­la­nan inkişaf yolunun  davam etdirilməsi, regionların  davamlı inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, tam məşğulluğun təmin edilməsi, gəlirlərin ədalətli bölünməsi, ətraf mühitin qorunması və ən başlıcası əhalinin həyat səviy­yə­sinin yüksəlməsi müəyyənləşdirilmişdir.

Dünya iqtisadiyyatının  inkişaf  perspektivləri, ölkəmizin  sosial-iqtisadi  inkişafının mövcud vəziyyəti, ortamüddətli dövrdə  iqtisadi və sosial siyasətin prioritet istiqamətləri, bey­­nəl­xalq iqtisadi təşkilatların Azərbaycan iqtisadiyyatına dair proqnozları konsepsiyada nəzərə alınmış, habelə gözlə­ni­lən əsas  nəticələr əks olunmuşdur.

Hörmətli millət vəkilləri, Avrozona ölkələrinin üzləşdiyi maliyyə və iqtisadi  problemlər, ABŞ-da böhrandan əvvəlki iqtisadi fəallığın hələ də  bərpa olunmaması, maliyyə bazar­la­rında davam edən mənfi dinamika dünya iqtisadiyyatında böhranın ikinci dalğasının baş verməsi ehtimalını artırır və Azərbaycan iqtisadiyyatının 2012-ci ildə də əlverişli olma­yan xarici iqtisadi mühit şəraitində inkişaf edəcəyini gös­tərir.

Yaradılmış möhkəm təməl və düşünülmüş iqtisadi siyasət nəticəsində 2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün  uğur­lu il olacağı və əvvəlki illərdə müşahidə olunan müsbət meyillərin davam edəcəyi gözlənilir. Belə ki, 2012-ci ildə öl­kədə iqtisadi artımın 5,7 faiz, 2015-ci ilədək isə ortaillik iqtisadi artımın 6,3 faiz olacağı gözlənilir. Adambaşına dü­şən ümumi daxili məhsul 2012-ci ildə 4744 manatdan 2015-ci ildə 5963 manata  qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəm­lə­nə­cəkdir. Növbəti il üçün manatın dollara məzənnəsi 79 qəpik qəbul edilmiş, inflyasiya tempi 6 faiz proqnozlaşdırılmışdır. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1,3 faiz, xarici dövlət borcunun yuxarı həddi  2 milyard manat nəzər­də tutulmuşdur.  Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə təşkilatlarının və neft hasil edən ölkələrin proqnozları təhlil edil­miş, 1 barrelin qiyməti gələn il üçün 80, növbəti il üçün isə 75 dollar qəbul edilmişdir.

2010-cu ildə neft sektorunun ümumi daxili məhsulda payı 48,5 faiz təşkil edirdisə, uğurla həyata keçirilən diversi­fi­ka­si­ya siyasəti nəticəsində  2015-ci ildə bu göstəricinin 29,3 faizə qədər azalacağı və qeyri-neft sektorunun payının isə mü­va­fiq olaraq 44,4 faizdən 61,3 faizə qədər artacağı proq­noz­­laşdırılmışdır.

Son illərdə olduğu kimi, 2012-ci ildə də iqtisadiyyatın, əsasən, qeyri-neft sektorunun hesabına təmin olunmaqla 2012-ci ildə 8,6 faiz, növbəti 3 ildə isə orta hesabla 8 faiz  təş­kil edəcəyi gözlənilir. Bu isə ölkə iqtisadiyyatının diversi­fi­ka­siyasına, qeyri-neft sektorunun dinamik inkişafına yönəl­­­dilmiş siyasətin məntiqi nəticəsidir.

Bütün bunlara nail olmaq üçün Azərbaycan Respubli­ka­sı­nın Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun ola­raq özəl bölmənin inkişafı məqsədi ilə qanunvericilik baza­sı­nın və bu sahədə dövlət tənzimlənməsi sisteminin təkmilləş­di­­ril­­məsi, biznes mühitinin davamı olaraq yaxşılaşdırılması, sahib­karlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişa­fı­na dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sahibkar­lı­ğın maliyyə, infrastruktur, məsləhət və informasiya təmina­tı­nın yaxşılaşdırılması, yerli və xarici investisiyaların, müa­sir texnologiyaların cəlb edilməsi, keyfiyyətli, rəqabət qabi­liy­yətli məhsulların istehsalının dəstəklənməsi istiqamətində təd­birlər davam etdiriləcək və nəticədə ümumi daxili məh­su­lun istehsalında özəl sektorun payı artaraq 2015-ci ildə 86,8 faizə çatacaqdır.

Bütövlükdə qeyri-neft sektorunun inkişafında “Azərbay­can Respublikasının regionlarının 2009–2013-cü illərdə sosi­al-iqtisadi inkişafı Dövlət Proqramı” ilə nəzərdə tutul­muş tədbirlərin həyata keçirilməsi, o cümlədən istehsal və xid­mət müəssisələrinin tikilməsi böyük əhəmiyyət kəsb edir. 2011-ci ilin 6 ayı ərzində ölkədə 60-dan çox müəssisə, o cümlədən 20-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Məlumat üçün qeyd edim ki, hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəs­si­sə­sinin tikintisi davam etdirilir və təkcə Sahibkarlığa Kö­mək Milli Fondu tərəfindən maliyyələşdirilən 75 istehsal emal müəssisələrinin istifadəyə verilməsi gözlənilir.

Bununla yanaşı, cari ildə Azərbaycan Respublikasının Prezi­­­­denti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təs­diq edilmiş “2011–2013-cü illərdə Bakı şəhərinin və onun qəsə­bələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proq­ramı”, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə Dövlət Proq­ramı” və “2008–2015-ci illərdə Azərbaycan Respub­li­ka­­sında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proq­ramı”nın həyata keçirilməsi üzrə 2011–2015-ci illər üz­rə tədbirlər planının icrası bu sahədə qarşıda duran vəzifə­lə­rin həllində xüsusi əhəmiyyətə malikdir.

Sənayenin inkişafına dövlət dəstəyi tədbirlərinin güclən­di­ril­məsi müəssisələrin fəaliyyətinin genişlənməsinə, qarşı­da­kı illərdə sənaye kompleksinin modernləşdirilməsi prose­si­nin daha da sürətləndirilməsinə və yeni istehsal sahələrinin yaranmasına, o cümlədən bərpa olunan enerji mənbələrindən tam şəkildə istifadə edilməsinə imkan yaradacaqdır. Artıq bu istiqamətdə konkret işlər görülmüş, Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzinin açılışı həyata keçirilmiş və həmin ərazidə hibrid tipli müasir günəş və külək elektrik stansiyası quraşdırılmışdır. Qeyri-neft sənayesi üzrə 2012-ci ildə 6,2 faiz, növbəti 3 ildə isə orta hesabla 10,5 faiz artıma nail olunacaqdır.

Ötən ildən etibarən kimya sənayesində müşahidə olunan artımın davam edəcəyi və 2012-ci ildə 20,8 faiz, növbəti 3 ildə isə orta hesabla 19,6 faiz olacağı proqnozlaşdırılır. Kim­ya sənayesi üzrə növbəti illər üzrə proqnozlaşdırılan artım bu sahədə fəaliyyət göstərən müəssisələrin istehsal güc­lə­ri­nin artırılması, modernləşdirilməsi və eləcə də yeni məhsul istehsalına başlanması hesabına gözlənilir.

Metallurgiya sənayesində 2012-ci ildə 16,3 faiz, növbəti 3 il­də ortaillik 14,6 faiz, hazır metal məmulatlarının istehsa­lın­da isə 2012-ci ildə 9,4 faiz, növbəti 3 ildə ortaillik 28,3 faiz artım proqnozlaşdırılır. Artım, əsasən, mövcud istehsal həcm­­lərinin genişləndirilməsi, həmçinin Gəncə şəhərində il­lik istehsal gücü 100 min ton olan alüminium zavodunun fəa­liy­yətə başlaması ilə əlaqədardır.

Proqnozlaşdırılan dövrdə maşınqayırma məhsullarının or­ta hesabla 6,3 faiz, 2013-cü ildə ölkədə gəmiqayırma zavo­du­nun fəaliyyətə başlaması hesabına digər nəqliyyat vasitə­lə­rinin istehsalının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Tikinti materiallarının istehsalında 2012-ci ildə 9 faiz, növbəti 3 ildə orta hesabla 22,6 faiz artım proqnozlaşdırılır. Bu artım, əsasən, Qaradağ sement zavodunda aparılan yeni­dən­­qurma işləri, inşa edilən yeni sement zavodlarının, ha­be­lə yeni tikinti materialları istehsal edən müəssisələrin, o cüm­lədən Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kre­dit­ləri hesabına tikilmiş illik istehsal gücü 160 min kubmetr beton bloklar və 30 min ton əhəng, 3,5 milyon kvadratmetr se­ra­mik plitələr olan zavodların fəaliyyətə başlaması ilə bağ­lıdır.

Ölkədə yeni yaradılacaq, eləcə də fəaliyyət göstərən müəs­sisə­lərdə istehsal həcminin artırılması hesabına qida məh­sul­larının istehsalında 2012-ci ildə 4,1 faiz, növbəti 3 ildə ortaillik 4,7 faiz artım proqnozlaşdırılır. 2011-ci ildə istifadəyə verilməsi gözlənilən, illik gücü 180 min ton yağ və marqarin istehsalı olan yeni zavodun, habelə proqnoz­laş­dırı­lan dövr ərzində Sahibkarlığa Kömək Milli Fondunun güzəş­tli kreditləri hesabına qida sənayesinin inkişafına im­kan yaradacaq sənaye üsulu ilə yeni quş əti və yumurta isteh­­­salı, ət emalı, süd, çörək istehsalı və digər layihələrin həya­ta keçirilməsi nəzərdə tutulur.

Belə ki, təkcə növbəti ildə 3 yeni konserv zavodu, 4 müa­sir heyvandarlıq kompleksi, 5 süd emalı zavodu, 18 yeni da­maz­lıq, ətlik və yumurtalıq quşçuluq müəssisəsi, 7 yeni çö­rək zavodu, 3 ət kəsmə fabriki istifadəyə veriləcəkdir. Sum­qa­yıt texnoparkında fəaliyyət göstərən müəssisələrin fəaliy­yəti, Bakı bərk məişət tullantılarının yandırılması zavodunun 2012-ci ildə istismara verilməsi, Beynəlxalq Dəniz Ticarət Li­ma­nının inşasının başa çatdırılması, proqnozlaşdırılan döv­rdə gübrə zavodunun tikilməsi, həmçinin sənaye park­la­rı­­nın yaradılması qeyri-neft sənayesinin və bütövlükdə qey­ri-neft sektorunun daha da genişlənməsinə imkan yarada­caq­dır.

Hörmətli millət vəkilləri, qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2012-ci ildə 7,1 faiz, növbəti 3 ildə orta hesabla 5 faiz artım proqnozlaşdırılır. Bu zaman aqrar sektora dövlət dəstəyi tədbirlərinin davam etdiriləcəyi, intensiv metodların və müa­sir texnologiyaların tətbiqinə üstünlük veriləcəyi, habelə “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proq­ra­mı” ilə müəyyən edilmiş hədəflər nəzərə alınmışdır.

İri taxılçılıq təsərrüfatlarının yaradılması, Sahibkarlığa Kö­mək Milli Fondunun güzəştli kreditləri hesabına taxıl, soyu­ducu anbar, istixana komplekslərinin istifadəyə veril­mə­si, həmçinin “Aqrolizinq” Səhmdar Cəmiyyətinin fəaliy­yəti kənd təsərrüfatı məhsullarının istehsalını stimullaş­­dıra­caq­dır. Layihəsi fond tərəfindən maliyyələşdirilmiş 118 min ton tutumu olan 33 soyuducu anbardan 8-i istifadəyə veril­miş, 15-i isə növbəti ildə (eləcə də 11 istixana) istifadəyə veriləcəkdir. Bununla yanaşı, yaradılan toxumçuluq və aqro­servis müəssisələri qeyri-neft sektorunun inkişafına, o cüm­lə­dən ixrac yönümlü, keyfiyyətli kənd təsərrüfatı məhsulları isteh­salının artımına təkan verəcəkdir.

Xidmətlər sektorunda artım 2012-ci ildə 8,9 faiz, növbəti 3 ildə isə orta hesabla 8,3 faiz təşkil edəcəkdir. Bu sektorun ümumi daxili məhsulda payının 2010-cu ildə 27,4 faizdən 2015-ci ildə 36,7 faizə qədər artacağı proqnozlaşdırılır ki, bu da iqtisadiyyatın sahəli strukturunun daha da təkmil­ləşə­cə­yi­ni göstərir.

Cənab Prezident tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi ölkədə turizm xidmətlərinin daha da genişlənməsi ilə yanaşı, onun keyfiyyətinin yüksəldilməsinə imkan verir. Eyni zamanda, tarixi abidələrin bərpası, ali və orta ixtisaslı ka­dr­ların hazırlanması, Şahdağ Qış-Yay Turizm Kompleksi­nin istifadəyə verilməsi, paytaxtda və regionlarda turizm infra­­­struk­turunun yaradılması, otellərin tikilməsi turizm sektorunun inkişafına təkan verəcəkdir.

Növbəti illərdə də informasiya və rabitə sektorunun dinamik artımı davam edəcəkdir. Belə ki, 2012-ci ildə bu sahədə 13,8 faiz, qarşıdakı 3 ildə isə 16 faiz ortaillik artım gözlənilir. İKT sahəsində yeni xidmətlərin genişlənməsi ilə yanaşı, 2013-cü ildə Azərbaycanın ilk peykinin orbitə çıxarılması bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar açacaqdır. Əsas tranzit dəhlizlərinin yenidən qurulmasının başa çatması, Bakı–Tbilisi–Qars  dəmir yolunun, Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi nəqliyyat sektorunun artımını sürətləndirəcək. Belə ki, növbəti ildə bu sahədə yük daşımasında 10 faizə qədər, bütövlükdə nəqliy­yat sektorunda 7,8 faiz, növbəti 3 ildə isə 5,5 faiz ortaillik ar­tım gözlənilir.

Sosial və digər xidmətlərdə 2012-ci ildə 5,8 faiz, növbəti 3 ildə 6,5 faiz ortaillik artım, ticarətdə 2012-ci ildə 11,4 faiz, növ­bəti 3 ildə 8,9 faiz ortaillik artım proqnozlaşdırılır. Qey­ri-neft ümumi daxili məhsulun dinamik artımı, o cümlədən qeyri-neft sektorunun genişlənməsi, sənaye potensialının real­laş­dırılması, texnoloji sahələrin inkişafının təmin edil­mə­­­si və müasir texnologiyanın tətbiqi yolu ilə ölkə iqtisa­diy­ya­tının ixrac qabiliyyətinin yüksəldilməsi, eləcə də rəqabət qabiliyyətli idxalı əvəz edən məhsul istehsalının artırılması qeyri-neft ixracının artmasına müsbət təsir edəcəkdir.

Uğurlu xarici siyasət nəticəsində dövlətlərarası əmək­daş­lıq səviyyəsinin yüksəldilməsi, o cümlədən 45 ölkə ilə inves­ti­si­yaların qarşılıqlı qorunması və təşviqinə dair sazişlərin imza­lanması, 26 ölkə ilə bu istiqamətdə danışıqların uğurla davam etdirilməsi, 40 ölkə ilə ikiqat vergi tutmanın aradan qal­dı­rılmasına dair sazişin imzalanması, mütəmadi olaraq  biz­nes forumların, sərgilərin keçirilməsi, Azərbaycanın xari­ci ticarət tərəfdaşlarının 150-yə çatması nəzərə alınmaqla xa­ri­ci ticarət dövriyyəsi 2012-ci ildə 6,3 faiz, növbəti 3 ildə isə orta hesabla 4,7 faiz, o cümlədən qeyri-neft ixracı 2012-ci il­də 21,3 faiz, sonrakı 3 ildə orta hesabla 13,1 faiz artacaqdır. Xarici ticarət saldosunun 2015-ci ildə 15,9 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Ölkənin ödəmə qabiliyyətini müəyyən edən tədiyyə balansı üzrə müsbət meyillərin növ­bə­ti illərdə də davam edəcəyi gözlənilir.

Hörmətli millət vəkilləri, ortamüddətli dövrdə ölkə iqti­sa­diy­­yatının dinamik inkişafına şərtləndirən əsas amillərdən biri də iqtisadiyyata yatırılan investisiyalar olacaqdır. 2012-ci ildə əsas kapitala investisiya qoyuluşlarının 9,7 faiz artaraq 13,5 milyard manat, növbəti 3 ildə isə 49,4 milyard manat olacağı, o cümlədən xarici investisiyaların gələn il 41,5 faiz olmaqla növbəti 3 ildə orta hesabla 18 faiz artaraq 18 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Gələn il neft sektoruna 4,3 milyard, qeyri-neft sektoruna isə 9,2 milyard manat investisiya yatırılması gözlənilir. Ümu­mi investisiyalarda əhəmiyyəti xüsusi çəkiyə malik olan dövlət investisiyalarının əsas istiqamətlərini özündə əks etdirən Dövlət investisiya proqramı layihəsi də təqdim olunan sənədlər sırasındadır. Proqram layihəsində, əsasən, davam edən layihələrin başa çatdırılması prioritet olmaqla in­fra­struktur, su ehtiyatları və irriqasiya, energetika səna­ye­si, ekologiya, kənd təsərrüfatı, eləcə də sosial yönümlü layi­hə­lərə, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman ob­yekt­lərinin təmiri və tikintisinə, əlil və şəhid ailələri üçün yaşayış evlərinin inşasına, qaçqınlar və məcburi köçkünlərin sosial yaşayış şəraitinin yaxşılaşdırılmasına və digər sosial layihələrə üstünlük verilmişdir. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sosial sahələrin dinamikasına  da öz müsbət nəticələrini büruzə verəcəkdir.

2012-ci ildə orta aylıq əmək haqqının 432,5 manata, 2015-ci ildə 587,7 manata çatacağı, əhalinin real gəlirlərinin müvafiq olaraq 6,8 faiz və 8,9 faiz artacağı proqnozlaşdırılır. 2012-ci ildə yaşayış minimumu 108 manat, 2015-ci ildə 135,1 manat təşkil edəcəkdir. Yaşayış minimumunun artması ilə yanaşı, minimum əmək haqqının da artırılması plan­laşdırılır. Belə ki, minimum əmək haqqının 2013-cü ildə yaşa­yış minimumuna çatdırılması gözlənilir. Bu da “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azal­dılması və davamlı inkişaf Dövlət Proqramı”nda qarşıya qoyulan ən vacib hədəflərdən daha birinə nail olunmasına im­kan verəcəkdir.

Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçi­ri­lən ardıcıl və sistemli iqtisadi və sosial islahatların məntiqi nəti­cə­si olaraq ölkəmiz dünya miqyasında sabit və dinamik inkişaf edən ölkə kimi özünü təsdiqləmişdir. Ümumdünya İqtisadi Forumunun 2011–2012-ci illər üzrə Qlobal rəqabətə davamlılıqla bağlı hesabatına əsasən son bir il ərzində ölkə­miz bu göstərici üzrə daha iki pillə irəliləmiş və 142 ölkə ara­sında 55-ci yerə yüksələrək MDB ölkələri arasında liderlik mövqeyini qoruyub saxlamışdır. Eləcə də cari ilin sentyabr ayının əvvəlində “Fitch Ratings” Beynəlxalq Rey­tinq Agentliyi Azərbaycanın yerli və xarici valyutada uzun­müd­dətli reytinq proqnozunun pozitiv səviyyəsini bir daha təsdiqləmişdir.

Bütün bunlar bir daha göstərir ki, qarşıdakı illərdə də davamlı və dayanıqlı inkişaf üçün möhkəm iqtisadi təməl yaradılmışdır. Tam əminliklə deyə bilərik ki, dövlət başçı­sı­nın düşünülmüş, çevik, vətənimizin daha da qüdrət­lən­məsi­nə istiqamətlənmiş siyasəti nəticəsində gələcək illərdə də ölkə­mizin dinamik inkişafı, Azərbaycan vətəndaşlarının hə­yat səviyyəsinin daha da yüksəlməsi davam edəcəkdir. Diq­qə­ti­nizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun, Şahin müəllim. Azərbaycan Respub­likası Hesablama Palatasının sədri Heydər Əsədova söz verilir.

H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.

Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qona­q­lar! Məndən öncə çıxış edən məruzəçilər büdcənin parametr­lə­ri haqqında çox geniş, hərtərəfli məlumat verdilər. Hesab­lama Palatasının Milli Məclisə təqdim etdiyi rəydə də bu gös­tə­ri­cilərin mövcud makroiqtisadi duruma uyğunluğu, onun perspektiv, ortamüddətli dövrlə uzlaşması, büdcə zər­fi­nə daxil olan sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu və sair kimi aspektlər müxtəlif müstəvidə geniş təhlil olunmuşdur. Ona görə də, hörmətli millət vəkilləri və qonaqlar, mən bu rəqəmlərə bir daha qayıtmayaraq büdcənin konseptual mahiyyəti haqqında sizə qısaca məlumat vermək istəyirəm.

Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, növbəti ilin büdcəsinin ideologiyası da əvvəlki illərdə olduğu kimi, fiksal siyasətin iqtisadi artıma dəstəyini təmin etməkdən və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial-iqtisa­di inkişaf strategiyasının yerinə yetirilməsini təmin etmək üçün maliyyə təminatı yaratmaqdan ibarət olmuşdur. Apar­dı­ğımız analitik təhlillər bunu göstərir ki, ümumilikdə büd­cə­də bu məqsədə nail olunmuşdur.

Hörmətli millət vəkilləri, bilirsiniz ki, büdcəni konseptual qiymətləndirdikdə onun bir neçə parametrinə xüsusi diqqət vermək lazımdır. Birinci, büdcə resurslarının həcmidir, ikin­ci, büdcə resurslarının hansı istiqamətə, hansı təyinata sərf olun­masıdır. Burada yığım, istehlak və iqtisadi inkişafa yö­nəl­­dilən vəsaitlər arasındakı nisbətdən söhbət gedir. Büd­cə­nin kəsiri, dövlətin borclanma səviyyəsi və dünyada mövcud olan vəziyyətin büdcə gəlirlərinə təsiri amilləri ümumən qiymətləndirilir. Bu göstəricilərin səviyyəsi, demək olar ki, hə­min dövlətin sosial-iqtisadi vəziyyətini, artan ictimai tələ­batı ödəmək qabiliyyətini bir növ nümayiş etdirir. Apardı­ğı­mız təhlillərə əsasən deyə bilərik ki, büdcənin xərclərinin 6,5 faizi artaraq ümumi iqtisadi artımı üstələməsi gələn il büdcənin iqtisadi artımına fiksal siyasətin ən böyük dəstəyi olacaqdır. Büdcənin əsas amili kimi bu səciyyələn­diril­mə­li­dir.

Hər birimizə bəlli olduğu kimi, hazırda dünya miqyasın­da, xüsusilə maliyyə vəziyyəti pis olan Avropa dövlətlərində fiksal siyasət iqtisadi artımın aşağı enmə tempinin qarşısının alın­masına yönəlib. Orta vəziyyətdə olan dövlətlərdə isə fiskal siyasət iqtisadi artımın səviyyəsini saxlamağa yönəlib. Mənim qeyd etdiyim rəqəmlər onu göstərir ki, Azərbay­can­da büdcə nəinki bunları edəcək, hətta iqtisadi artıma dəstək mexanizmi kimi çıxış edəcəkdir.

Büdcənin kəsiri məsələsi. Büdcənin kəsiri bizdə ilbəil azalır. Həm də müəyyən həcmdə proqnozlaşdırılmağına baxmayaraq, hər il faktiki rəqəmlər bunun daha az olduğunu sübut edir. Ziyad müəllim də bunu qeyd etdi. Əslində, bizim büdcəni çox cüzi kəsirlə proqnozlaşdırmaq imkanımız var, çün­ki büdcə gəlirləri ilə xərcləri arasında yaranan tarazlıq buna imkan verir. Amma qlobal nöqteyi-nəzərdən yanaş­dıq­da, real sektorda, xüsusilə də bank sektorunda aktivliyi sax­la­maq, daxili borclar hesabına və digər mənbələrdən büdcə kəsirinin saxlanması məqbul hesab edilə bilər. Büdcə kəsi­ri­nin örtülməsi üçün xarici bazarlarda yerləşdiriləcək qiymətli kağızlar üçün o qədər də münbit şərait olmadığı üçün, hesab edirəm ki, büdcənin kəsiri daha az olacaq və bəri başdan da bunu bir qədər də az planlaşdırmaq və bununla əlaqədar xidmət xərclərini azaltmaq imkanı vardır.

Borcların səviyyəsi barədə Ziyad müəllim geniş məlumat verdi. Bizdə xarici borclar idarəolunan səviyyədədir, kritik həddə yaxınlaşmayıb. Borclanmanın qayda və qanunları möv­­cuddur. Həm daxili, həm də xarici borclanma limitləş­di­ri­lir. Amma, bizim fikrimizcə, get-gedə bu işi inkişaf etdirərək borclanmanın limitini təsdiq edən göstəriciləri və əsasları tətbiq etmək zərurəti vardır. Eləcə də Hesablama Palatası borclanma strategiyasının qəbul olunmasına ehtiyac duyur.

Hörmətli millət vəkilləri, burada qeyd olundu, bu büdcə bir çox parametrləri və dəyişiklikləri ilə əvvəlki illərin büd­cə­sindən seçilir və bir sıra yenilikləri ilə yadda qalır. Birinci dəfədir ki, növbəti il və sonrakı 3 il üçün investisiya layihə­lə­ri Milli Məclisə ünvanlı şəkildə təqdim olunub. Bu çox əməktutumlu bir işdir. İkinci, yadınızdadırsa, həmişə büdcə  maddələr, iqtisadi təsnifat üzrə verilirdi. Bu ildən başlayaraq büdcə  artıq hər bir maddə və iqtisadi təsnifatın maddələri üzrə konkret olaraq Milli Məclisə təqdim edilmişdir. Bu da olduqca əməktutumlu bir işdir.

Büdcənin şəffaflığının artırılması üçün bir sıra addımlar atılmışdır. sair xərc maddələri detallaşdırılıb, bir sıra xərc maddələrinin şəffaflaşdırılması üçün onların təsnifləş­diril­mə­si həyata keçirilib. Ən əsası qlobal olaraq büdcənin bütün para­metr­lərinin dövlətin iqtisadi hədəflərinə, iqtisadi strate­gi­yasına uzlaşdırılması işi təmin olunub ki, bu da büdcəni səciyyələndirən xüsusiyyətlərdən biridir. Rəydə göstərildiyi kimi, büdcənin müsbət parametrləri haqqında həddən artıq fikirlər sadalamaq olar, həqiqətən, çox böyük işlər götü­rü­lüb.

Mən Hesablama Palatasına həvalə olunan funksional vəzi­fə­lərin icrası ilə əlaqədar millət vəkillərini düşündürən bir neçə məsələyə aydınlıq gətirmək fikrindəyəm. Bunlardan biri ehtiyat fondlarının həcminin artımı məsələsidir. Mən he­sab edirəm ki, bu çox düzgün addımdır, çünki təlatümlü, böh­ran­lı dövrlərdə iqtisadi proqnozlaşdırmanı həyata keçirmək olduqca çətindir və hazırda dünya iqtisadiyyatında mövcud olan iqtisadi problemlərin həllinə aid vahid kon­sep­si­ya yoxdur. Ona görə də yarana biləcək istənilən riskləri qar­şı­lamaq üçün dövlətin ehtiyat fondlarının həcminin artırılmasını Hesablama Palatası müsbət hal hesab edir. İstə­yi­rəm ki, bu haqda da millət vəkillərinə öz rəyimizi bildirək.

İkinci, mən hesab edirəm, gələn ilin büdcəsində bütün böl­­mələr üzrə artım müşahidə olunur və eləcə də bütün iqti­sadi təsnifatın maddələri üzrə artım var.  Yalnız əmək haq­qın­da kiçik azalma müşahidə olunur.  Amma aparılan təh­lil­lər onu göstərir ki, əslində, burada azalma baş verməyib. İqtisadi təsnifata diqqət yetirsəniz, görərsiniz ki, yayımla, televiziya ilə əlaqədar bir sıra xərcləri əmək haqqı şəklində maddələr üzrə verəndə onu maliyyələşdirmək çətinləşir. Bu bir addımdır ki, o xərclər transfertlər maddəsində cəmləş­di­ri­lib və bunu da bütövlükdə təsnifləşdirəndə əmək haqqının azalması kimi  görünür. Əslində, belə bir hadisə baş vermir. Bu, sadəcə, iqtisadi təsnifatın təzahürüdür.

Üçüncü, bilirəm ki, burada Dövlət Neft Fondundan ayrı­lan transfertlərin məsələsi qaldırılacaq, amma bunu da çox əsas­lı hesab etmək olar. Bir dəfə demişəm, bir daha təkrar edirəm, hazırda valyutalara olan inamı və dünyadakı möv­cud durumu nəzərə alaraq yığım strategiyasının həyata keçi­ril­­məsinə o qədər də önəm verilmir. Ona görə də Dövlət Neft Fondundan büdcəyə transfertlərin artırılması və belə bir vəziyyətdə iqtisadi artıma təkan verilməsi olduqca müsbət haldır. Onu da qeyd etməliyik ki, əslində, bu bizə artım kimi görünsə də,  məndə olan son rəqəmlərə görə indiyə qədər Dövlət Neft Fonduna 56 milyard manatdan bir az artıq vəsait daxil olub və onun da təxminən 46 faizindən istifadə olunub. 46 faizi istifadəyə gedibsə, bu elə Dövlət Neft Fondunun kon­sep­siyasına uyğundur. Bu cür məsələlərə aydınlıq gətir­mə­yi özümə borc bildim.

Təşəkkür edirəm ki, millət vəkillərinin təklifləri və Hesab­lama Palatasının rəyi büdcənin tərtibi zamanı nəzərə alı­nır. Xüsusilə torpağın icarəyə verilməsindən alınan icarə haqlarının, səhmlərində dövlətin payı olan müəssisələrin divi­­­dendlərindən ödəmələrin xüsusi çəkisinin, sahibkarlığa ayrı­lan vəsaitlərin həcminin, büdcənin və eləcə də inves­tisiya layihələrinin ünvanlılığının artırılması bizim təklifləri­mizdə yer almışdı. Bunların həyata keçirilməsini iki qurum, eləcə də dövlətlə Hesablama Palatası arasında olan əməkdaş­lıq kimi qiymətləndiririk.

Bununla bərabər, biz büdcənin təkmilləşdirilməsi, onun strukturunun şəffaflaşdırılması üçün yenə bir neçə təklif ver­mək fikrindəyik. Hər birimiz qeyd etdik ki, büdcə resurs­ları­nın həcmi artır və bu dinamika davam edir. Mənə elə gəlir ki, artıq kredit sərəncamçıları kifayət qədər vəsait alırlar. Artıq bu vəsaitlərin nəticəliliyi haqqında hesabatvermə döv­rü var. Burada nəyi isə hesabatda qeyd etməkdən yox, bu işlərin nəticəsi haqqında məlumat verməkdən söhbət gedir. Yəni hər bir sahə üzrə konkret meyar göstəricilər müəyyən­ləş­dirilməlidir və növbəti illərdə alınan vəsaitin həmin meyar göstəriciləri, – tutaq ki, kənd təsərrüfatında məhsul­dar­­lığın neçə faiz, adambaşına düşən kənd təsərrüfatı məh­su­lunun nə qədər artması və sair, – barədə hökumətə hər bir kre­dit sərəncamçısı tərəfindən məlumat verilməlidir. Bu, dünya praktikasında tətbiq olunan məsələlərdən biridir. 

Sahibkarlığın inkişafına ayrılan vəsait artırılıb. Hesab edirik ki, sahibkarlığa vəsaitin artırılmasından çəkinmək olmaz. Müasir dövrdə dövlətin daşıdığı yükün böyük hissəsi artıq yavaş-yavaş sahibkarlıq fondu vasitəsilə həyata keçirilməlidir. Məktəb, bağça tikintilərinə, əhalinin rifah halının yaxşılaşdırılması üçün dövlətin böyük hədəflərinə bu fondun vasitəsilə nail olunmalıdır. Ona görə də bura ayrılan vəsaitin daha da artırılmasını zəruri hesab edirik.

Borclanma siyasəti belə ciddi xarakter aldığına görə, – dün­yada dövlət zəmanəti verilməməsinə baxmayaraq, – kor­pora­tiv borcların həcminin artırılması indiki böhran şərai­tin­də risklər yaradır. Ona görə korporativ borclara nəzarət sis­te­­minin qurulması istiqamətində addımlar atılmalıdır. Bu borcların nəzarətə götürülməsi, bunların dinamikasının iz­lən­məsi Milli Bank tərəfindən həyata keçirilir. Dövlətlə uzlaş­­dırılmış şəkildə bu məsələyə müdaxilə edilməsi də cid­di əhəmiyyət təşkil edir. Hesab edirik, borclanmanın nor­ma­tiv hüquqi bazasını, borclanma siyasətini tənzimləyən sənəd­lə­rin hazırlanmasına ehtiyac vardır.

Kiçik texniki xarakterli təkliflərə gəldikdə isə, hesab edi­rik ki, alınan qrantlar büdcənin kəsirinin ödənilmə mənbəyi de­yil, büdcənin gəliridir. Beynəlxalq maliyyə statistikasının təsnifatında da bunlar göstərilib. Hesab edirik ki, rəydə gös­tə­ril­miş digər təkliflərin də nəzərə alınması, ümumiyyətlə, büdcə sisteminin təkmilləşdirilməsinə öz töhfəsini verə bilər.

Biz hesab edirik ki, büdcə layihəsi bütövlükdə ciddi mak­ro­iqtisadi göstəricilərə əsaslanır. Bu büdcənin qəbul edilməsi növ­bəti ildə Azərbaycanda yeni iqtisadi və fiskal mədəniy­yət yaradacaqdır. Buna əsaslanaraq millət vəkillərindən büd­cə layihəsinə səs vermələrini xahiş edirəm. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, indi isə 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Xahiş edirəm, müzakirədə iştirak etmək istəyənlər yazılsınlar. Arif Rəhimzadə, buyurun.

A.Rəhimzadə. Sağ olun. Hörmətli deputatlar, mən hesab edirəm ki, bu ilin büdcəsi, həqiqətən, çox balanslaşdırılmış və dünyada olan şəraitə uyğun  şəkildə hazırlanıb. Odur ki, büdcənin hazırlanmasına aid deyilən bütün fikirlərə tərəf­da­ram və həmkarlarımı büdcəyə səs verməyə çağırıram.

Büdcə komitələrdə müzakirə olunan zaman mən bir mə­sə­­lə qaldırdım və hörmətli Samir müəllim dedi ki, buna baxı­­­lacaq. Ancaq bu gün Samir müəllim o məsələ ilə bağlı heç bir söz demədi. Mən bilmirəm, ya buna baxılıb, mənfi həll olunub, ya da ola bilsin, müzakirələrdən sonra baxıla­caq. Söhbət bələdiyyələrə ayrılan dotasiyadan gedir. Bələ­diy­yələrə 2008-ci ildən 3,5 milyon manat məbləğində dota­siya ayrılır. Bu müddət ərzində bizim büdcəmiz 50 faiz çoxa­lıb, ancaq bu dotasiya həmin həcmdə qalıb. Mən məsələ komitələrin iclasında müzakirə olunan zaman bunu dedim, yenə təkrar eləmək istəyirəm. Əlbəttə, dövlət heç də bələdiy­yə­lərin büdcəsini tam ödəmək məsələsini öz üzərinə götürməyib. Bələdiyyələr gərək özləri öz büdcələrini tamam­lasınlar. Ancaq büdcəyə baxanda görürsən ki, misal üçün, kino çəkilişinə 6,1 milyon manat, amma  Azərbay­ca­nın bütün ərazisini əhatə edən 1715 bələdiyyəyə cəmi 3,5 milyon manat ayrılıb. Bu, əlbəttə, düzgün deyil. Kino çək­mə­yin maliyyələşdirilməsini də dövlət öz üzərinə götür­mə­yib. Mən başa düşürəm, bu lazımlı, ola bilsin, siyasi bir məsə­lə­dir. Ancaq bələdiyyələrin maliyyələşməsi məsələsinə də fikir vermək lazımdır. Elə bir şərait yaradılmasın ki, bələ­di­y­yələr sanki yalnız tənqid edilmək üçün yaradılıb.

İkinci deyəcəyim məsələ rayon büdcələrinin öz imkanları hesabına formalaşması ilə bağlıdır. Samir müəllim dedi və mən də onu dəstəkləyirəm ki, bu istiqamətdə ilk addımlar atılıb. Dövlət qulluqçularının və ümumiyyətlə, işçilərin bəzi vergilərinin rayon büdcələrinə daxil edilməsi çox tərifəlayiq məsələdir. Bu çox müsbət bir haldır, ancaq hesab edirəm, bu praktika genişləndirilməlidir. Elə bir şərait yaradılmalıdır ki, rayon­lar ələbaxımlıq şəraitindən uzaqlaşdırılsınlar. İş bura­sın­­da­dır ki, hazırda rayonların büdcələrinin əsas hissəsi mərkəz­ləşmiş yığımlar hesabına formalaşır. Bu, əlbəttə, düz­gün deyil və bundan ötrü yollar da var. Bunun səbəbi də məlum­dur. Əlbəttə, bizdə inhisarlar var və onların topladığı vəsai­tin hamısı Bakıda yığılır. Elə eləmək olar ki, bunun bir hissəsi, heç olmasa, rayonlarda qalsın, onların büdcələrini ta­mam­­lasın.

Digər məsələ. Mən hesab edirəm, kənd təsərrüfatında olan praktikaya yenidən baxmaq lazımdır. Hazırda kənd təsər­rüfatında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Əlbəttə, bunun çox yaxşı nəticəsi, ərzaq təhlükəsizliyimizə müsbət təsiri olub. Artıq elə bir dövr gəlib ki, kənd təsərrü­fa­tında işləyənlərə vergiləri tətbiq etmək lazımdır, ancaq dövlət tərəfindən ayrılan dotasiya yenə də qalmalı və imkan varsa, daha da artırılmalıdır. Dotasiya hər hansısa bir işin görülməsi üçün yox, əldə olan nəticəyə görə verilməlidir. Misal üçün, 1 hektar taxıl əkən adama 45 manat pul verilir. Orada sabah məhsul alınacaq, yoxsa alınmayacaq, bu, məlum deyil. Buna görə ona dotasiya verilir. Yaxşı olardı ki, bir sistem işlənilsin və aldığı məhsula görə ona dotasiya verilsin.

Komitələrdə müzakirə zamanı belə fikirlər də səsləndi ki,  ümumiyyətlə, kənd təsərrüfatına yox, dövlət, bütün ölkə üçün lazım olan sahələrə dotasiya verilsin. Əlbəttə, bu məsə­lə­­lər ətrafında müəyyən işlər görülməlidir ki, rayonlarda mər­kəzdən alınan pullar tədricən azalsın və ələbaxımlıq şəraiti aradan götürülsün.  Digər məsələlər ətrafında da fikir söy­ləmək olar. Mən yenə çıxışımın əvvəlinə qayıdıram, həqiqətən, büdcə balanslaşdırılmış şəkildə hazırlanıb, dünya­da və bizim regionda olan çətinliklər  nəzərə alınıb və o, qə­bul olunmalıdır. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Gövhər Baxşəliyeva.

G.Baxşəliyeva. Hörmətli millət vəkilləri, bu gün müza­ki­rə­mizə təqdim olunmuş büdcə layihəsi ilə diqqətlə tanış ol­dum və hesab edirəm ki, büdcə çox yüksək, professional səviy­­yədə hazırlanıb. Təqdim olunmuş layihə bütün sosial-iqti­sadi göstəricilərinə görə Azərbaycanın növbəti illərdə yüksək iqtisadi inkişafından xəbər verir. Bu elə bir zamanda baş verir ki, dünya iqtisadiyyatı dərin maliyyə böhranı yaşa­yır. Digər ölkələrin iqtisadi göstəriciləri günü-gündən azalsa da, Azərbaycanda artır. Bu, fərəhli bir haldır.

Biz tarixə nəzər salanda görürük ki, Azərbaycan özünün tarix boyu bugünkü kimi inkişaf mərhələsi yaşamayıb. Bu gün görülən böyük quruculuq işləri, yeni infrastrukturun yaradılması, çox böyük layihələrin həyata keçirilməsi, əlbət­tə, Azərbaycan üçün çox böyük bir hadisədir. Mən hesab edi­rəm ki,  elə bununla əlaqədar vətənimiz Azərbaycan öz tarixinin ən şərəfli səhifələrindən birini yaşayır.

Mən konkret olaraq elmin inkişafı haqqında danışmaq istərdim. Hamınız bilirsiniz ki, son illərdə Azərbaycan elmi­nə, onun inkişafına diqqət xeyli artmışdır. Xüsusilə də son illərdə Milli Elmlər Akademiyasında aparılan təmir işlərini qeyd etməliyik. Hörmətli Prezidentimizin Milli Elmlər Akademiyasında etdiyi proqram xarakterli geniş nitqini yada salmaq istəyirəm. Elə həmin o çıxışdan sonra qısa zamanda elmi işçilərin məvaciblərinin 20 faiz artırılması, elmlər dok­tor­larının təqaüdlərinə 200 manat, elmlər namizədlərinin təqaüd­lərinə isə 120 manat əlavə olunması göstərir ki, Azər­bay­canda elmin inkişafı dövlətin diqqət mərkəzindədir. Bu da çox sevindirici bir haldır. Bilirsiniz ki, Azərbaycanda 2009–2015-ci illər üçün elmin prioritet istiqamətləri üzrə dövlət proqramı təsdiq olunub və həyata keçirilir. Azər­bay­can Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu böyük işlər görür. Elə dünən fond tərəfindən gənc alimləri stimul­laşdıran müsabiqə elan olunub və onlar belə tədbir­lərdə böyük məmnuniyyətlə iştirak edirlər.

Mən istərdim, alimlərin bir arzusunu səsləndirəm. Onların elmi dərəcələrə görə aldıqları təzminat digər ölkələrlə, məsə­lən, Rusiya ilə müqayisədə bir qədər azdır. Elmlər doktorları bu gün elmi dərəcəyə görə 50 manat, elmlər namizədləri isə 30 manat məvaciblərinə əlavə alırlar. Xahiş edərdim ki, müm­kündürsə, bu məsələyə bir daha baxılsın və bu məbləğ­lər bir qədər artırılsın.

Başqa bir məsələni də mən komitənin iclasında qaldırdım, hörmətli Samir müəllim də bu məsələyə çox müsbət münasi­bət bildirdi. Mən təşəkkürümü bildirirəm. Bilirsiniz ki, Azər­bay­can xalqına mənsub qeyri-maddi mədəniyyət nümu­nə­­lə­­rini əsrlər boyu bu torpaqlara hər gələn yığıb aparıb. Bu gün Azərbaycan müəlliflərinə məxsus əlyazmalar, əsərlər dünyanın bütün kitabxanalarına, əlyazmaları fondlarına səpələnib. Mən hesab edirəm ki, məhz indi, ölkəmizin böyük intibah dövrünü yaşadığı bir zamanda biz həmin mədəni irsimizi məqsədyönlü, sistemli şəkildə xarici kitab­xana­la­r­dan toplayıb ölkəmizə gətirməliyik. Mən xahiş edərdim ki, bu məsələyə də, – xarici ölkələrə uzunmüddətli elmi ezamiy­yə­lə­rdən söhbət gedir, – xüsusi diqqət yetirilsin.

Mən 94 saylı Bərdə kənd seçki dairəsini təmsil edirəm. Mə­nim dairəmə 63 kənd daxildir. Təsdiq olunmuş proqrama görə 2009–2011-ci illərdə Bərdənin bu kəndlərinin qazlaş­dırıl­ması başa çatdırılmalı idi.  Əhalinin bu proqramdan xə­bə­ri var. Məndən soruşurlar ki, bəs bu proqram niyə həyata keçiril­mir? İndiyədək o kəndlərin biri, ya ikisi qazlaşdırılıb. Bu insanlar böyük intizarla o kəndlərin qazlaşdırılmasını göz­lə­yirlər. Mən xahiş edərdim ki, növbəti illərdə bu məsələyə xüsusi diqqət yetirilsin. Mən bir daha bütün nazirlik­lərimizə Azərbaycan naminə gördükləri bu çətin, amma çox şərəfli işlərində uğurlar arzulayıram. Diqqətiniz üçün sağ olun.

Sədrlik edən. Çox sağ olun. Tənəffüs elan edilir.

 

(FASİLƏDƏN SONRA)

 

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutasınız. Müza­ki­rə­ni davam etdiririk. Fəzail Ağamalı.

F.Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli höku­mət üzvləri, komitə və şirkət rəhbərləri, media təmsil­çi­lə­ri! Büdcə zərfinin təqdimatı və 2011-ci ilin yekunları təs­diq edir ki, 2011-ci ildə də ölkənin iqtisadi inkişafı dina­mik xarakter almış, qeyri-neft sektorunun aparıcı mövqeyə çıx­ma­sı prosesi davam etdirilmiş, ölkəmizin müdafiə qabili­y­­yə­ti daha da gücləndirilmiş və ərzaq və ekoloji təhlükəsiz­li­yin tə­min edilməsi, idxaldan asılılığın minimuma endiril­mə­si, in­formasiya-texnologiya sisteminin həlledici mövqeyə çıx­ma­sı, yol infrastrukturunun müasir tələblər səviyyəsində qu­rul­ması, regionların sosial-iqtisadi inkişafının sürətləndi­ril­­mə­si istiqamətində ciddi və əhəmiyyətli addımlar atılmışdır.

Ən əhəmiyyətli məsələlərdən birini xüsusi olaraq qeyd etmək istərdim. Fərəhli haldır ki, bu gün Azərbaycan şir­kət­ləri artıq Avropa məkanında öz biznes strukturlarını qur­maq­da, transmilli layihələrin reallaşmasında xüsusi rol oynamaq­da­dırlar. Bu baxımdan SOCAR-ın uğurları və “Azəryolser­vis”in Bakı–Tbilisi–Qars dəmir yolunun çəkilməsindəki rolu dediklərimizi birmənalı şəkildə sübut etməkdədir.

Əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də düşünülmüş maliyyə və vergi siyasətinin davam etdirilməsi uğurlarımızı təmin edən başlıca amillərdən olmuşdur. Şübhə etmirəm ki, hökumətimiz möhkəm bünövrəyə söykənərək dünyada baş verən maliyyə və iqtisadi kataklizmləri nəzərə almaqla, onların dərin təhlilini aparmaqla çevik iqtisadi və maliyyə si­yasə­tini 2012-ci ildə də davam etdirəcək və ölkəmiz yeni uğurlara imza atacaqdır.

Hörmətli millət vəkilləri, büdcə zərfi ilə bağlı təkliflərimi də diqqətinizə çatdırmaq istərdim. Bəlli olduğu kimi, ölkədə orta məktəbləri ildə 120, 130 minə qədər şagird bitirir. Bun­la­r­dan təqribən 30 minə qədəri ali və orta ixtisas təhsili məktəblərinə daxil olur. 90 mindən çox orta məktəb məzunu isə faktiki olaraq təhsildən kənarda qalır. Məncə, bu çox ciddi problemdir. Dəfələrlə deyildiyi kimi, problemin həlli tex­niki peşə məktəblərinin yenidən qurulması və fəaliy­yət­lə­ri­nin bərpasından keçir. Lakin büdcə ayırmaları dediyimiz bu problemin həllinə qətiyyən imkan vermir.

Rəqəmlərin müqayisəsi isə qəribə mənzərə yaradır. 20 min­lik tələbə adını qazanan məzunu özündə cəmləşdirən ali məktəblərə büdcədə 109 milyon 230 min manatdan çox və­sa­it ayrıldığı halda, 100 minə qədər məzunu özündə cəm­ləşdirə biləcək texniki peşə məktəbləri proqramının həyata keçirilməsinə cəmi 1,7 milyon manat pul ayrılıbdır. Bu, əl­bət­tə, kifayət qədər təəssüf doğurur. Mənə belə gəlir ki, bura­da ən ədalətli münasibət ya rəqəmlərin yerini dəyişmək, ya da rəqəmləri eyniləşdirməkdir.

Digər bir tərəfdən, döyüş bölgələrində xidmət edən zabitlərin əmək haqlarının artırılmasına, xidmət etdikləri yer­lərdə hərbçilər üçün evlərin tikilməsinə və onların mənzillə təmin olunmasına çox ciddi ehtiyac duyulmaq­da­dır. Bu bir faktdır ki, döyüş bölgələrində xidmət edən zabit­ləri­miz mənzillərinin olmaması ucbatından 35–40 yaşına qədər subay qalırlar.

Təklifimin digəri isə başqa bir mühüm məsələ ilə bağlıdır. Bəlli olduğu kimi, Azərbaycanda yeni yol infrastrukturunun yaradılmasına milyardlarla vəsait sərf olunmuşdur. Bunun yaratmış olduğu rahatlığı isə hər birimiz regionlara səfər edən zaman birbaşa hiss etməkdəyik. Bununla bərabər, yol infra­strukturunun qorunmasına və yeri gəldikcə onun bərpa­sı­na ciddi ehtiyac duyulur. Magistral yollarda yüksək tonnaj­lı yük maşınlarının intensiv hərəkəti ciddi problemlər yaradır və büdcədən ayrılan vəsait o yolların indiki vəziyyətdə sax­lanıl­­masına və yeri gəldikcə bərpasına heç cür imkan vermir. Düşünürəm ki, buna baxılmalı və həmin sahəyə əlavə vəsait ayrılmalıdır.

Deputat seçildiyim Salyan və Neftçala rayonları ilə bağlı təkliflərimi də hökumətin diqqətinə çatdırmağı zəruri hesab edirəm. Salyan və Neftçala rayonlarında elektrik dirəklərinin və naqillərinin vəziyyəti dözülməzdir. Dirəklər çürüyüb, naqillər istismar vaxtını 20 il bundan qabaq bitirib. Zəif kü­lək belə, ciddi problem yaradır. Xeyli dərəcədə işıq itkisinə yol verilir. Dəfələrlə bu fikri Milli Məclisdə, bu və ya digər səviy­yələrdə deməyimə baxmayaraq, bu günə qədər bu məsələ öz həllini tapmır. Mənə belə gəlir ki, “Azərenerji” Səhmdar Cəmiyyətinin bunun üçün kifayət qədər vəsaiti vardır. Amma “nədən bu məsələ diqqətdən yayınır” sualına cavab tapmaq isə mənim üçün çətindir.

Ölkə Prezidentinin regionların inkişafına xüsusi önəm verməsi öz nəticələrini göstərməkdədir. Artıq kəndlərdən şəhər­lərə kütləvi axın dayanıb. Salyan, Neftçala rayonlarının kənd­lərində yeni yaşayış massivləri salınır. Onların da elektrik enerjisi ilə təminatında çox ciddi çətinlikləri var. “Azər­­ener­ji”nin regional idarələri həmin yaşayış məntəqə­lə­ri­ni elektriklə təmin etmək, transformatorlar qoymaq əvəzinə ən müxtəlif bəhanələrlə bunu həyata keçirmirlər. Belə bir fi­kir irəli sürürlər ki, guya bu işi bələdiyyələr həyata keçir­mə­li­­dirlər. Bu cür yanaşma qətiyyən düzgün deyildir.

Ölkə Prezidentinin xüsusi sərəncamı ilə Kürboyu ərazi­lər­də sutəmizləyici qurğuların qoyulması prosesi başlan­mışdır və indi də davam etməkdədir. Lakin prosesi daha sürətlə apar­maq və başa çatdırmaq üçün bu işi həyata keçirən Təbii Sər­vətlər və Ekologiya Nazirliyinə əlavə vəsait ayırmaq lazım­dır ki, qalan bir neçə kənd də tezliklə sutəmizləyici qur­ğularla təmin olunsun. Neftçala rayonunun Cəngam inzi­bati ərazisində 6 kəndi bir-biri ilə və magistralla birləşdirən ye­ganə yol olduqca acınacaqlı vəziyyətdədir. Mən bu məsə­lə­ni dəfələrlə Milli Məclisdə önə çəkmişəm. Həmin yolun bərpa­sını investisiya proqramına salmaq lazımdır. Bununla bağlı Neftçala Rayon İcra Hakimiyyətinin Nazirlər Kabine­ti­nə müvafiq məktubları da var. Lakin təəssüf edirəm ki, 5 mi­nə qədər əhalini və 6 kəndi ətraf dünya ilə birləşdirən yolun bər­pası bu günə qədər öz həllini tapmayıb.

Həmin yaşayış məntəqələrində elektrik təsərrüfatı və mək­təblər bərbad vəziyyətdədir. Bayaq adını çəkdiyim böl­gə­də hətta Sovet hakimiyyəti illərində belə, qaz çəkilməyib və bu gün də hələ gözlənilmir. Nəzərə alsaq ki, Salyan və Neft­çala rayonlarının istilik yarada biləcək təbii imkanları yoxdur, onda bu məsələ öz aktuallığını daha ciddi şəkildə önə çəkir. Hökumətin müvafiq strukturlarından xahiş edirəm ki, 2013-cü ilə qədər ölkənin qazlaşdırılması ilə bağlı proqramda Salyan və Neftçala rayonlarını imkan daxilində önə çəksinlər və 2012-ci ildə həmin yaşayış məntəqələri qazla təmin edilsin. Bütövlükdə mən təqdim edilmiş olan büdcə zərfinə müsbət yanaşıram və lehinə səs verəcəyəm. Diq­qə­tinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Rüstəm Xəlilov.

R.Xəlilov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli höku­mət nümayəndələri, hörmətli həmkarlarım, hörmətli media nüma­yən­dələri! Ölkəmizin Prezidenti cənab İlham Əliyevin həya­ta keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsində iqtisa­diy­yatımız Cənubi Qafqazın iqtisadiyyatının 83 faizini təşkil edir. Respublikamızda 2012-ci il üçün gözlənilən ümumi daxili məhsul istehsalı da yenə bütövlükdə Gürcüstan və Ermənis­tandan dəfələrlə çoxdur.

Milli Məclisin müzakirəsinə verilən büdcə layihəsi ildən-ilə daha da təkmilləşir və builki sənədin özü də çox mükəm­məl­dir. Göründüyü kimi, bu layihədəki gəlir və xərclər an­caq reallığı əks etdirir. Layihədəki rəqəmlər göstərir ki, ölkə­mizin inkişaf dinamikası 2012-ci ildə də yüksək templə davam edəcəkdir.

Neftdən əldə olunan vəsaitlərin qeyri-neft sektorunun in­ki­­şa­fına, infrastruktur layihələrinə, büdcənin sanballı hissə­si­nin müharibə vəziyyətində olan dövlətin hərbi potensialının artırılmasına yönəldilməsini və sosial yönümlüyün saxlanı­l­ma­sını çox düzgün siyasət kimi müdafiə edirəm. Xüsusilə kənd təsərrüfatına, aqrar sektora dəstəyin güclənməsini kənd­də yaşayan zəhmətkeşlərin ən böyük arzularından biri kimi qiymətləndirirəm.

Hesab edirəm ki, uzun illər istismar olunmuş meliorasiya və su­var­ma sistemlərinin yenidən qurulmasına daha çox vəsa­itin ayrılmasına ehtiyac vardır. Torpaqlar sıradan çıxan­dan sonra onun bərpası daha çox vaxt və vəsait aparır.

Büdcədəki artımlar təqdirəlayiqdir. Lakin biz hər il büd­cəni müzakirə edəndə diqqəti bir məsələyə yönəltməyə çalı­şı­rıq. Respublikamızda formalaşmaqda olan bələdiyyə siste­mi maddi çətinliklər ucbatından hələ də ona bəslənən ümid­lə­ri tam doğrulda bilmir. Yerli özünüidarə orqanları olan bələ­diy­yələr tam formalaşana, necə deyərlər, ayağa durana qədər onlara dövlət dəstəyi, əhalinin sosial sifarişindən irəli gələn layihələrin həyata keçirilməsində maliyyə köməkliyi göstərməyə ciddi ehtiyac vardır.

Biz hər il bələdiyyələrə 3,5 milyon manat subsidiya ayırı­rıq. Amma baxırıqmı ki, bu vəsait bələdiyyələr arasında bölü­nəndə onların hər birinə nə qədər vəsait düşür? Məndən qabaq deputat həmkarım Arif Rəhimzadə də bu məsələyə toxundu. Bələdiyyələr vəsait sarıdan xeyli çətinlik çəkirlər. Bütün bunları nəzərə alaraq bələdiyyələrin sifarişi əsasında onlara vəsait ayırmaq olar. Bu məsələdə həm İqtisadi İnkişaf Nazirliyinin, həm də Bələdiyyələrin Milli Assosiasiyalarının təklif və rəylərindən istifadə etmək faydalı olardı. Təklifimin nəzərə alınmasını xahiş edirəm. Büdcə layihəsinə səs verə­cə­yəm və həmkarlarımı da buna səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədovun sualı var. Buyurun.

V.Əhmədov. Çox sağ olun. Oqtay müəllim, hazırda Milli Məclisdə dövlət büdcəsi müzakirə olunur. 2012-ci ilin əsas qanunudur. Amma burada hökumət üzvlərindən 3–4 adam var. Bu, ümumiyyətlə, bizə hörmətsizlikdir. Biz bunu necə qəbul edə bilərik və bu çıxışlar kimin üçün edilir? Milli Məclisə bu dərəcədə hörmətsizlik olmaz. Ayıbdır.

Sədrlik edən. Vahid müəllim, Siz sual verirsiniz, bu, başqa söhbətdir. Mən indi öyrəndim, gecikənlər olub. Amma hökumətin nümayəndələri burada iştirak edirlər. Maliyyə naziri harada qaldı?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Yəni dediyim odur ki, büdcəyə aid sual verin. Bunu ayrıca da deyə bilərdiniz. Əli Məsimli buyursun.

Ə.Məsimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, hörmətli media mənsubları! Büdcə iqtisadiyyatın güzgü­­dür, büdcə necədirsə, iqtisadiyyat da elədir. 2012-ci ilin büd­­si həm dünya iqtisadiyyatında gedən təlatümləri, həm Azərbaycan iqtisadiyyatının tendensiyalarını nəzərə almaqla kifa­yət qədər ehtiyatlı aşağı düşmüş risklər kontekstində hazır­lanıb. Bu nöqteyi-nəzərdən büdcəni müsbət hesab eləmək olar.

İkinci, büdcədə vəsaitin artmasını məqbul hesab edirəm. Həm də komitələrin birgə iclasında deyilən müsbət məqam­la­rı təqdir edirəm. Eyni zamanda, bəzi məqamlara münasibət bildirəndə çalışacağam ki, siyahıda adı məndən sonra olan həmkarım Vahid Əhmədovun mövqeyini də qeyd edim.

Birinci, qeyd eləmək istərdim ki, büdcədə gedən proseslər başqa ölkələrin büdcəsi ilə müqayisədə çox yaxşıdır. Özü­mü­zün potensialı ilə müqayisədə bəzi məqamlara toxun­ma­ğa dəyər. İlk növbədə onu qeyd eləmək lazımdır ki, 2005-ci ildə İnflyasiyaya qarşı tədbirlərə dair Prezidentin verdiyi sərən­camda göstərilib ki, Dövlət Neft Fondundan büdcəyə ayrılan vəsait konkret layihələrin maliyyələşdirilməsinə yönəl­dilsin. Hər dəfə müşavirələrdə də müxtəlif variantlarda qeyd olunub ki, kapital xərclərinə yönəldilən vəsaitin artırıl­ma­sı üçün Dövlət Neft Fondundan vəsait götürmək olar. Gə­lin, müqayisə edək. Bu  gün 17 milyard manat xərclərin az qala 10 milyard manatı bilavasitə Dövlət Neft Fondundandır və Prezidentin sərəncamında göstərilən həmin prinsipə müəyyən dərəcədə uyğunsuzluq yaradır. Yəni həmin 17 mil­yard manatdan 10 milyardı çıxanda yerdə qalan 7 milyard vəsait heç Azərbaycanın cari xərclərini, yəni dövləti idarə etmək üçün zəruri olan xərcləri belə ödəmir. Ona görə də Dövlət Neft Fonduna arxayınlıq bir-iki ildən sonra indiki güclü makroiqtisadi sabitlikdə müəyyən dərəcədə təhlükələr yarada bilər. Hökumətin nümayəndələrinin burada olmasın­dan istifadə edərək mən xüsusi qeyd eləmək istərdim ki, bu­na kifayət qədər imkanlar var.

Kölgə iqtisadiyyatının leqallaşdırılıb vergiyə cəlb edil­məsi. 3,3 milyard büdcəyə borc var. Bu borcun yığılması isti­qa­mətində həmin ehtiyatlardan da istifadə olunsun ki, bizim makroiqtisadi sabitlik müəyyən dərəcədə pozulmasın. Pozulandan sonra onu yığıb-yığışdırmaq çətin olacaq.

İkinci, mən 17 noyabrda Azərbaycan Respublikası Prezi­dentinin Şimal-Qərb regionunda, Şəkidə keçirilən görüşləri barədə danışmaq istərdim. Çox yüksək səviyyədə görüşlər keçdi. Özünüz də bilirsiniz ki, bir neçə ay bundan qabaq xüsusi bir sərəncam hazırlanıb. Birinci sərəncam tarixi şəhər kimi Şəkiyə aid imzalanıb. Artıq Prezidentin Şəkiyə getməsi və Şəki haqqında sərəncamın verilməsi Şəkinin həyatında yeni mərhələnin başlanmasıdır. Mən Maliyyə Nazirliyinin nümayəndələrinin burada olmasından istifadə edərək qeyd etmək istərdim ki, 2011-ci ilin büdcəsindən müəyyən vəsait ayrılacaq, amma 2012-ci ilin büdcəsindən cənab Prezidentin Şəki haqqında qaldırdığı məsələlərə, orada abadlaşma işlə­ri­nin davam etməsinə yetərincə vəsaitin ayrılması vacibdir.

Şəkidə olan zaman seçicilərlə görüşdüm, söz verdim ki, on­la­rın qaldırdıqları məsələləri Milli Məclisin tribunasından səs­lən­dirəcəyəm. Birinci yerdə sovet dövründən qalma əma­nət­lərin qaytarılması, ikinci yerdə əmək haqlarının artırıl­ma­sı, üçüncü yerdə müəllimlərin əmək haqlarının son dövrlərdə gecikməsi, dördüncü yerdə infrastruktur durur. Cənab Prezi­dent dedi ki, kənd yolları vaxtında bərpa olunsa, kəndlərdə tibb məntəqələrinin yaradılmasına ehtiyac olmaz, çünki 10 dəqiqədən sonra şəhər mərkəzinə çatmaq mümkündür. Bax, sözün həqiqi mənasında qənaət mexanizmi bununla bağlıdır.

Ona görə də mən bu məsələlərlə bağlı xüsusi bir məqama diqqət yetirmək istəyirəm. Yapondan soruşurlar ki, niyə Yaponi­ya yüksək dərəcədə inkişaf edib? Deyir ki, çox sadə bir səbəbə görə. Hər bir yapon üçdə bir özü üçün, üçdə bir təşkilat üçün, üçdə bir də Yaponiya üçün işləyir. Mən altıncı il­dir ki, burada işləyirəm. Hər halda üçdə bir də Milli Məclis üçün işləmək lazımdır.

Milli Məclisin komitələrinin birgə iclasında sovet dövrün­dən qalmış əmanətlərlə bağlı məsələ qalxan zaman deputat həm­karım Yevda Abramov çox maraqlı bir sual verdi: “Höku­mətin bu pulları qaytarmaq üçün siyasi iradəsi çatır­mı, vəsait varmı?” Maliyyə naziri də bu suala çox maraqlı cavab verdi: “Hökumətin iradəsi çatır, qaytarmaq üçün vəsait, pul da var, amma Milli Məclis qanun qəbul etməli­dir”. İlk baxışda burada heç nə yoxdur. Amma qəzetlərə baxan­da hiss edirəm ki, top Milli Məclisin meydançasına atılıb.

Ona görə də 2005-ci ilin oktyabrında cənab Prezidentin sovet dövründən qalma əmanətlərin qaytarılması barədə sərən­camını xatırlatmaq yerinə düşər. 1-ci bənddə qeyd olu­nur ki, komissiya yaradılsın. Baş nazir komissiyanın rəhbəri, maliyyə naziri də üzvüdür.

2-ci bənddə həmin komissiyanın üzvlərinə tapşırılıb ki, 3 ay müddətində qanunun mexanizmi hazırlansın.

3-cü bənddə Maliyyə Nazirliyi daxil olmaqla bir neçə quruma tapşırılıb ki,  əmanətlərin inventarlaşması məsələsi 3 ay müddətində başa çatdırılsın. 6 il bitib. 2006-cı ildə Maliy­yə Nazirliyinin hazırladığı bir qanun layihəsi  İqtisadi siyasət komitəsində var idi, amma sonra nə oldu, bilmirik.

Bəlkə də bu mənim funksiyam deyil. Çox adam da elə düşü­nür ki, Vahid Əhmədovla Əli Məsimli bu məsələni tez-tez qaldırırlar, yəqin, çoxlu pulları var. Hesabda mənim 18 manat 40 qəpik pulum var. Yəni pullarımız da yoxdur ki, de­sin­lər, marağımız var. Söhbət 2 milyon adamın marağından gedir. Ona görə biz axıra qədər bu maraqları müdafiə etmək fikrindəyik.

Mənim Prezidentin sərəncamından səsləndirdiyim mə­qam­lar  əsas verir ki, yenidən  top hökumətin meydanına atıl­­sın. Amma biz ona getmirik. Ona görə getmirik ki, bun­dan vətəndaş heç nə udmur. Vətəndaşı 3 sual maraqlandırır. Sovet dövründən qalma əmanətlər nə vaxt, hansı nisbətdə və ilk növbədə kimlərə qaytarılacaq. Bu üç sualın ikisinə – han­sı nisbətdə, hansı ardıcıllıqla qaytarılmasına bizim hazırla­dığı­mız qanun layihəsində cavab verilib. Mən hökumətə əmək­daşlıq təklif edirəm. Mənə elə gəlir ki, 125 deputatdan heç kim buna etiraz etməz.

Birinci suala da hökumətin komissiyası cavab versin. Nə vaxt qaytarılmağa başlanılacaq? Bu top-top oyunundan qur­tar­maq lazımdır. 2 milyon insanın hər dəfə qaldırdığı məsə­lə­dir. İnanın ki, bu məsələ vaxtında, lazımi səviyyədə həll olunsa, 2 milyon adamın narazılığı aradan qalxar. Ona görə də bunu formal məntiqin ifadələrindən istifadə etməklə yox, əməkdaşlıq yolu ilə həll etmək olar. Mən çıxışımdan sonra bir az təkmilləşdirilmiş variantı komitənin sədri hörmətli Ziyad Səmədzadəyə üçüncü dəfə təqdim edəcəyəm. Maliyyə Nazirliyinin nümayəndələri də həmin variantdan istifadə etsinlər, işçi qrupu yaradılsın, əməkdaşlıq edilsin. 2012-ci ilin büdcəsi müzakirə olunan zaman, heç olmasa, bu məsə­lə­ni bir işıq ucu gələn tərəfə yönəldək. Kiminsə üstünə atmaq­la vətəndaşların pulu qayıdan deyil. Qanun layihəsini Milli Məclis hazırlayıb. Tam səmimi formada deyirik ki, əgər istəyərlərsə, biz bu qanun layihəsinin müəllifliyindən imtina da edirik. Hökumət komissiyası alsın, üzərində işləsin, əmanət­lərin qaytarılması istiqamətində növbəti addımlar atılsın. İnsanlar gözləyirlər. Güman edirəm ki, məsələ ilə bağlı mənim bundan yumşaq çıxışım olmazdı. Hökumətin nümayəndələrindən xahiş edirəm, bunu nəzərə alsınlar. Sağ olun.

Sədrlik edən. Əli müəllim, mən bilirdim  ki, yenə əmanətlərin qaytarılması məsələsi ortaya çıxacaq. Samir müəllim də komitənin iclasında demişdi ki, mənbə var, bunu edə bilərik. Həqiqətən, mənbə var, amma hamımız yaxşı bili­rik ki, bu məsələni həll etmək üçün bir mexanizm hazır­lan­malıdır. Samir müəllim də deməyə unutdu, mexanizmi hökumət hazırlamalıdır.

Cənab Prezidentin də bu qanun layihəsi ilə bağlı böyük na­ra­hat­lığı var. Hökumət tərəfindən bu mexanizm hazır­la­nıb, formaya düşür. Artıq yollar bilinir. Bizim qanun layi­hə­si ilə hökumətin əmanətlərin indeksləşdirilməsi və qaytarıl­ma­sı mexanizmi birləşməlidir. İnanıram ki, bu qanun layihə­si Milli Məclisin müzakirəsinə çıxarılacaq və biz böyük məm­­nu­niyyətlə onu qəbul edəcəyik.

Burada məsələnin digər bir tərəfi var, onu Milli Məclisdə çox açıqlaya bilmirəm. Azərbaycan qədər qaçqını olan ölkə yoxdur, miqrasiya məsələləri də hamınıza bəllidir. Biz elə et­mə­li­yik ki, millətimizə, xalqımıza qaytarılan pullar Azər­bay­­­canda qalsın, başqa tərəfə getməsin.

Biz Avropa hüquq məkanındayıq. Çox böyük problem­lər­lə qarşılaşa bilərdik. İlk növbədə bu problemləri həll etmək lazım idi ki, qaytarılan əmanətlər Azərbaycan vətəndaşlarına çatsın. Bu mexanizm təxminən hazırdır. Samir müəllimlə danışmışıq, Milli Məclisdə bu məsələyə bir yerdə baxılacaq. Ona görə xahiş edirəm, qanun layihəsi tam  hazır olmayana qə­dər bu məsələni bir daha çək-çevir etməyək. Buyursun Əli Əhmədov.

Ə.Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Düşünü­rəm ki, son illərdə Azərbaycanda çox gözəl bir büdcə ənənə­si formalaşıbdır. Bunun da əsas qayəsi ondan ibarətdir ki, Milli Məclis  tərəfindən qəbul olunan dövlət büdcəsi öz parametrlərinə görə ildən-ilə inkişaf edir, genişlənir. Bu, əs­lin­də, Azərbaycanın iqtisadiyyatının inkişafının və yüksəli­şi­nin göstəricisidir. Vaxtilə kiçik tənqidçilər var idi ki, Azər­baycan büdcəsinin parametrlərinin kiçiklərini belə, bizə irad tuturdular. Amma bir neçə il ərzində Azərbaycan büdcəsinin  parametrləri kifayət qədər genişlənib, böyüyüb və bu proses da­vam etməkdədir. Mən inanıram ki, bir neçə ildən sonra Milli Məclisdə müzakirə olunan Azərbaycanın dövlət büdcə­sinin göstəriciləri, parametrləri indiki ilə müqayisədə daha böyük olacaqdır. Bu da mahiyyət etibarı ilə Azərbaycanın sü­rətli və dinamik inkişafını özündə ehtiva edəcəkdir.

Müzakirə etdiyimiz büdcə hər şeydən əvvəl ölkəmizin iq­ti­­sadi durumunu əks etdirir. Qeyd olunmalı daha bir mə­qam ondan ibarətdir ki, büdcə həm də bütövlükdə Azərbay­ca­nın ictimai-siyasi durumunu, insanlarımızın ovqatını, Azər­­­baycan vətəndaşının gələcəyə baxışını, Azərbaycan döv­ləti­nin regionda və beynəlxalq aləmdə mövqelərinin möh­­kəm­lənməsini özündə ehtiva edir. 

Digər bir tərəfdən, onu da qeyd etməyi vacib hesab edirəm ki, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin həm düzgünlüyünü, həm də əzəmətini əks elətdirir. Ona görə düzgünlüyünü əks elətdirir ki, bu siyasətin həyata keçirilməsi sayəsində qarşıya qoyulan vəzifələr ardıcıl ola­raq yerinə yetirilir. Eyni zamanda, biz bunu həm də əzəmətli siyasət hesab edirik. Məhz bu siyasətin həyata keçirilməsi sayəsində Azərbaycan iqtisadiyyatı görünməmiş inkişaf nümunələri göstərməkdədir. Beləliklə, bütövlükdə iqtisadi siyasətimiz, Prezidentin həyata keçirdiyi kurs Azərbaycan iqtisadiyyatını möhkəmləndirir. Güclənən iqtisadiyyat da Azər­baycanın ictimai-siyasi həyatının bütünlüklə yeniləş­mə­si­ni, dəyişməsini, insanlarımızın rifahının yaxşılaşmasını tə­min etmiş olur. Düşünürəm, deputatların hər birinin təqdim olunan büdcə layihəsi ilə əlaqədar fikri bundan ibarətdir ki, bu büdcə layihəsi təsdiq olunsun və  başda Prezidentimiz ol­maq­la Azərbaycan hökumətinə büdcədə öz   əksini tapan və­zi­­fə­lərin həyata keçirilməsində uğurlar arzulasınlar.

Bir neçə təklifimi də səsləndirmək istəyirəm və güman edi­rəm, bunlar haçansa yerinə yetirilə bilər. Demək istə­di­yim bir məsələ ilə əlaqədar burada fikirlər səsləndirildi. Bu, re­gion­larda büdcənin əsas etibarilə dotasiya əsasında forma­laş­­dırılmasıdır. Azərbaycanın regionları sürətlə inkişaf etmə­yə başlayıb və güclü infrastruktur yaradılır. Eyni zamanda, sa­hib­karlıq mühiti inkişaf etdirilir, iqtisadi fəallıq yüksəlir. Yeni iş yerləri yaradılır. Bütün bunların hamısı regionların iqti­sadi idarəçilik mexanizmlərinin də təkmilləşdirilməsini cid­di bir tələb olaraq qarşıya qoyur. Zaman gəlib çatıb, hər bir region xərclərini öz imkanları hesabına ödəməlidir. Əsas etibarilə regionların xərcləri ilə gəlirləri tənasüb əsasında müəyyənləşdirilməlidir. Mən belə hesab edirəm ki, kifayət qədər  əsaslar var və bundan sonra mərkəzdən ayrılan vəsait­lər hesabına bu və ya digər layihələrin həyata keçiril­mə­sin­dən daha çox regionun özünün iqtisadi inkişafı əsasında gə­lir­lərinin artırılması xətti əsas götürüləcəkdir.

Qeyd etmək istədiyim  ikinci təklif mənzil problemi ilə əlaqədardır. Çox sevindirici haldır ki, Azərbaycan  əhalisi  yük­sək templə artmaqdadır. Hər 10 il ərzində Azərbaycan əha­lisi təxminən 1 milyon nəfərə qədər artır. Son 20 il ər­zin­də Azərbaycanın əhalisi 7 milyondan 9 milyona gəlib çatıb­dır. 10 il ərzində əhalinin 1 milyon artması o deməkdir ki, təx­mi­nən 250 min yeni ailə yaranır. Onların, yəqin ki, mən­zil­lərə ehtiyacı var. Əlbəttə, Azərbaycan hökuməti insanların mənzil şəraitinin yaxşılaşdırılması üçün müəyyən tədbirlər gö­rür. Məsələn, 2012-ci il dövlət büdcəsindən ipoteka kre­di­ti üçün 20 milyon manat vəsait ayrılıbdır. Amma 20 mil­yon­luq ipoteka krediti 400, maksimum 500 ailənin mənzil şərai­ti­nin yaxşılaşdırılmasına imkan verəcəkdir. Amma əgər 10 il ər­­zində 240 min yeni ailə yaranırsa, bu ən azından təbii ar­tım hesabına ildə 24-30 min ailənin yeni mənzillərə ehtiya­cı­nın olması deməkdir.

Digər bir tərəfdən, kəndlərdən əhali asta-asta şəhərlərə axı­­şır. Bütövlükdə bu müsbət  prosesdir və bunun qarşısını al­ma­ğa çalışmaq lazım deyil. Bunun özü də əhalinin mənzil prob­­­leminin artmasına gətirib çıxarır. Ona görə də hesab edi­­rəm ki, uzunmüddətli kreditlər hesabına sosial mənzil­lə­rin inşa edilməsi ilə bağlı böyük bir proqramın hazırlan­ma­sı­na ciddi ehtiyac var. Güman edirəm ki, Azərbaycanın maliy­yə imkanları da buna əsas yaradır. Azərbaycan hökumətinin sosial siyasəti və qarşısına qoyduğu məqsədlər belə bir layihənin həyata keçirilməsini çox vacib edir.

Üçüncü təklifim Azərbaycanda səhiyyə sığortasının tətbiq edilməsi ilə əlaqədardır. Azərbaycan hökuməti geniş sosial layi­hə­lər həyata keçirir. Bu layihələrin əhəmiyyətli bir his­səsi əhaliyə tibbi yardımların və tibbi xidmətin göstəril­mə­sinin yaxşılaşdırılmasını nəzərdə tutur.  Çoxlu sayda tibb ocaq­larının tikilməsi, səhiyyə işçilərinin əmək haqlarının yaxşılaşdırılması hökumətimizin həyata keçirdiyi sosial siyasətin çox vacib göstəricilərindən biridir. Amma indi elə bir həddə gəlib çatmışıq ki, bütövlükdə dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin daha səmərəli olma­sı­nı təmin etməkdən ötrü icbari tibbi sığorta sisteminin tətbiq edilməsinə ciddi ehtiyac var. Bu, hökumətin öz üzərinə gö­tür­­düyü əhaliyə keyfiyyətli tibbi müalicənin və xidmətlərin göstərilməsini daha da yaxşılaşdırmış olur. Bununla da döv­lə­tin üzərinə düşən yük müəyyən dərəcədə azalır və ən baş­lı­ca­sı, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti artır. Eyni zamanda, bu, səhiyyə sistemində daha yaxşı idarəçilik sis­te­mi­nin tətbiq olunmasına əsas yaradır. Güman edirəm ki, Azərbaycan hökuməti ilə müvafiq  təşkilatlar bu istiqamətdə öz işlərini görəcəklər.

Bir daha qeyd edirəm ki, 2012-ci ilin dövlət büdcəsi kifayət qədər ciddi şəkildə hazırlanıb. Bu büdcənin həyata keçi­ril­məsi qarşıya qoyulan bütün vəzifələrin yerinə yetiril­mə­sinə əsas yaradır. Mən də Milli Məclisin bütün deputat­la­rı­nı büdcə layihəsini dəstəkləməyə səsləyirəm. Sağ olun.  

Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov, 3 nəfər­dən sonra çıxış edəcəksən, sualını onda verərsən. Jalə Əliyeva.

J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli hökumət üzvləri və media mənsubları!  Ötən il ərzində Pre­zident cənab İlham Əliyev tərəfindən təsdiqlənən bütün döv­lət proqramları və aparılan islahatlar ölkənin böyük bir sürətlə (deyərdim ki, astronomik sürətlə) inkişafına səbəb oldu. Qəbul edilən dövlət proqramlarının, aparılan islahat­la­rın təməlində insan amilinin dayanması bu inkişafın əhə­miy­­yətini daha da artıraraq ölkənin gələcəyinin ciddi və möh­kəm dövlət siyasətinə söykəndiyini söyləməyə əsas verir.

Bu gün müzakirə etdiyimiz dövlət büdcəsi də kifayət qədər ciddi və əsaslı bir maliyyə sənədidir. Önümüzdəki ilin büdcəsini prinsipcə ötən bir neçə ilin, xüsusilə 2009–2010-cu illərin dövlət büdcəsinin davamı kimi qəbul etmək olar. Yəni hazırkı büdcə də sosial və investisiya yönümlüdür, ən başlıcası isə antiböhran tutumludur. Gəlin etiraf edək ki, son illərdə bütün dünyanı ağuşuna alan maliyyə böhranından, iqtisadi böhrandan Azərbaycan  birmənalı olaraq qorxusuz və itkisiz çıxa bildi. Nəinki bu böhrandan çıxdı, eyni zaman­da, iqtisadiyyatını daha da gücləndirdi. Bu proses bu gün də davam edir.

Mən xüsusilə 2010-cu ildə təqaüdlərin ödənişində atılan böyük, hətta deyərdim ki, inqilabi addımı qeyd etməyi özü­mə borc bilirəm. Burada nəzərdə tutulmuşdur ki, 2010-cu ilə qədər təqaüdə çıxmış şəxslərin pensiyaları onların 2006-cı ilə qədər olan stajları əsasında yenidən hesablansın. Yəni bura­da 400 milyon manat, yarım milyon dollara qədər olan əla­və vəsaitdən söhbət gedir. Bu, həqiqətən də, çox əhəmiy­yət­li bir rəqəmdir və ölkə rəhbərliyinin siyasi iradəsinin təzahürü, cənab Prezidentin təkzibolunmaz, humanist bir ad­dımıdır. 

Mən bununla yanaşı, büdcə ilə bağlı bəzi təkliflərimi də səsləndirmək istəyirəm. Təkliflərim, əsasən, təhsil, səhiyyə, mə­də­niy­yət, uşaq və gənclər siyasəti, internat evləri, qısacası, humanitar sahə ilə bağlı olacaqdır.

Mən ilk növbədə təhsil və səhiyyə sahəsinə diqqət çəkmək istərdim. Məlumdur ki, bundan bir neçə ay əvvəl dövlət başçısı tərəfindən müəllimlərin və həkimlərin xüsusi dövlət qulluqçusu kateqoriyasına aid edilməsi və onlar haq­qın­da xüsusi dövlət qulluğu konsepsiyasının hazırlanması haq­qında sərəncam imzalandı. Cənab Prezident Nazirlər Kabinetinə bu məsələ ilə bağlı tapşırıqlar verib və böyük bir ziyalı ordusu bu sərəncamın tətbiqini gözləyir. Nazirlər Kabineti üzvlərinin burada iştirakından istifadə edərək hazır­da işlərin nə yerdə olduğu barədə məlumat almaq istərdim.

Müəllimlərin, xüsusilə orta məktəb müəllimlərinin və həkim­lərin aylıq əmək haqlarının qaldırılması və heç olma­sa, orta aylıq əmək haqqına çatdırılması məsələsi həmkar­la­rım tərəfindən burada tez-tez səsləndirilir. Gəlin etiraf edək ki, 150–160 manat məvacib alan orta məktəb müəllimi gələcək üçün tam mənada insan yetişdirib formalaşdıra bilməz. Yaxud da 135 manat maaş alan bir həkimin Hip­pok­rat andını içərkən səmimi olacağını gözləmək də, yəqin ki, çox qeyri-real olardı. Səhiyyədən söhbət düşmüşkən, bu gün respublikamızda dövlətin qayğısı nəticəsində ən yüksək standartlara cavab verən xəstəxanalar, diaqnostika mərkəz­lə­ri inşa və təmir edilir, əhalinin istifadəsinə verilir. Bu xəstə­xa­na­larda ən yüksək texnoloji imkanlardan istifadə edilir. Lakin təchiz olunmuş avadanlıqları işlədə biləcək yüksək ixti­saslı kadrların çatışmazlığı problemi var. Xüsusilə də ucqar rayonlarda bu məsələ daha aktualdır, buna diqqət edil­mə­si çox vacibdir.

Eyni zamanda, bu gün bəzi əməliyyatlar var ki, onların ödə­nişi həddindən artıq bahadır. Xüsusilə də aztəminatlı ailələr üçün bunu ödəmək, həqiqətən də, böyük problemdir. Bu kateqoriyadan olan insanlara ya tam, ya da qismən mü­əy­­yən güzəştlərin edilməsi və büdcədən buna  vəsait ayrıl­ması mümkün ola bilər.

Eyni zamanda, mədəniyyət işçilərinin və mədəniyyət xa­dim­lərinin də əmək haqlarının artırılmasına ehtiyac var. Bir dəfə səsləndirmişdim və yenə təkrarlayıram ki, 150–180 ma­nat maaşla səhnədə yaradılan Otello, Dezdemona, Leyli, Məcnun heç bir zaman əsl sənət təsiri bağışlamayacaq.

Yeri gəlmişkən, sənətdən söz düşübsə, kino sahəsinə 10 il ər­­zin­də ayrılan 6 milyon barədə də fikrimi bildirmək istə­yi­rəm. Ümumiyyətlə, bilmək istərdim ki, 10 ilə 6 milyon ayrı­lıb, yoxsa bu hər il üçün nəzərdə tutulub? Əgər bir il üçün nəzərdə tutulubsa, bu özü də çox böyük məbləğ deyil. Gəlin, etiraf eləyək ki, dünya arenasına çıxa biləcək keyfiyyətdə bir kinonun yaranması üçün müəyyən məbləğ tələb olunur. Bir ildə ölkədə bir neçə kino istehsal edilir, ona görə də bu, cüzi miqdardır. Onu da unutmayaq ki, tarixi şəraitimiz, müharibə vəziyyətində yaşamağımız kinonu, sadəcə, mədəniyyət ob­yek­­tinə deyil, həm də ideoloji sahəyə çevirir. Buna da diqqət veril­sə, yaxşı olardı.

Eyni zamanda, gənclər və valideyn himayəsindən məh­rum olan uşaqlarla bağlı fikirlərimi nəzərinizə çatdırmaq is­tə­yi­rəm. Bu kateqoriyadan olan uşaqlar haqqında danışar­kən, təbii ki, ilk olaraq Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın bu uşaqların kimsəsizliklərini hiss etməmələri üçün göstərdiyi qayğını, əsl ailə şəraitini yaratmaq naminə atdığı addımları birmənalı olaraq qeyd etməliyik. Lakin bununla bərabər, de­mək istəyirəm ki,  təmir edilən internat məktəbləri ilə yanaşı, hə­lə də əsaslı təmirə ehtiyacı olan məktəblər var. Bu mək­təb­­lər üçün büdcədən maliyyə ayrılması vacibdir. Çünki uşaq­lar gələcəyin qurucularıdır.

Digər bir problem də uşaqlar böyüyüb gənclik yaşına çatdıqdan sonra, məcburi olaraq bu məktəbləri tərk etmələri zamanı yaranır. Bir daha özümə borc və şərəf bilərək qeyd et­mək istəyirəm ki, birinci xanımın himayəsi sayəsində ölkə­də son illərdə gənclər evləri tikilib və orada atasız, anasız, kim­səsiz uşaqlara tam şərait yaradılıb. Hesab edirəm ki, bu evlərin sayının artırılması vacibdir. Bunun üçün çox da bö­yük maliyyə vəsaitinə ehtiyac yoxdur, cüzi bir məbləğlə bu uşaq­ların hər birinə ailə şəraiti yaratmaq olar. Bunu edə bil­sək, onların gələcəkdə yanlış yönlərə getməsinin qarşısını ala bilərik.

Təmsil olunduğum bölgə ilə bağlı da bəzi məsələləri qeyd et­mək istəyirəm. Ötən il bir çox rayonlar, eyni zamanda, təm­sil olunduğum Zərdab rayonu Kür çayının daşması nəticə­sində böyük problemlərlə üzləşdi. Prezidentin sərən­ca­mı və Fövqəladə Hallar Nazirliyinin çox yaxından iştirakı ilə qı­sa bir müddətdə Zərdab şəhərinin “32 hektar” adlanan ərazi­sində Kür qaçqınları üçün böyük bir qəsəbə salındı, ev­lər inşa edildi. Lakin bu evlərin mədəniyyət, poçt, səhiyyə və təhsil obyektlərinə ehtiyacı vardır. Eyni zamanda, rayon mər­kəzi xəstəxanasının əsaslı təmiri məsələsi də bir neçə il­dir problem olaraq qalmışdır. Bu məsələlərin büdcədə nəzər­də tutulmasını sizdən xahiş edirəm.

Bir daha mədəniyyət sahəsinə qayıdacağam. Rayonda möv­cud olan 21 mədəniyyət evi və sarayından 10-nun, 49 kitab­xanadan 11-nin, 24 mədəniyyət klubundan 20-nin əsaslı tə­­mirə ehtiyacı var. Mən inanıram ki, bu məsələlər höku­m­ə­timizin diqqətində olacaq və növbəti ilin büdcəsində imkan da­xi­lində öz əksini tapacaqdır. Birmənalı olaraq isə bu yük­sək səviyyədə hazırlanan büdcə sənədinə  səs verəcəyəm. Sağ olun.

Sədrlik edən. Fərəc Quliyev, buyurun.

F.Quliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və qonaqlar! Büdcənin fəlsəfəsi ölkənin sosial-iqtisadi inkişaf kon­sep­siyasının növbəti ildə həyata keçirilməsindən ibarət­dir. Büdcə layihəsinə nəzər saldıqda görürük ki, 2012-ci il üzrə dövlət büdcəsi gəlirlərinin 32,3 faizi Vergilər Nazir­li­yi­nin, 7,3 faizi Dövlət Gömrük Komitəsinin, 60,3 faizi Dövlət Neft Fondunun, 0,1 faizi isə başqa mənbələrin hesabına tə­min ediləcək. Büdcə gəlirlərinin artımının 79,5 faizi Dövlət Neft Fondundan edilən transfertlərin hesabına baş tutacaq. 2012-ci ilin gəlirlərində proqnozlaşdırılan 810,96 milyon manatlıq artımın 79,5 faizi Dövlət Neft Fondunun, qalanı isə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin payına dü­şür. Beləliklə, 2012-ci ildə fondun transfertlərinin büdcə gəlirlərindəki payı 60,26 faizə çatacaq ki, bu da indiyədək qeydə alınan ən yüksək göstərici olacaq. Göründüyü kimi, öl­kə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oyna­yan dövlət və icmal büdcələrində risklərin qarşısının alın­ma­sı, onların potensial gəlirlərinin neft konyunkturasından ası­lı­­lı­ğının azaldılması və qeyri-neft sektorundan daxilolma­la­rın artırılması istiqamətində ciddi tədbirlər görülməyib.

Hökumətin hesabatında göstərilir ki, İqtisadi İnkişaf Na­zir­­li­yinin hesablamalarına görə 2011-ci ildə ölkədə iqtisadi artım 0,9 faiz olacaqdır. Qeyri-neft sektorunda 10 faiz artım gözlənilsə də,  cari ilin sonunda neft hasilatının əvvəllər nə­zər­də tutulduğundan təxminən 3 milyon ton az olacağı səbə­bin­dən neft sektoru üzrə ümumi daxili məhsul istehsalının 8,7 faiz aşağı düşəcəyi proqnozlaşdırılıb. Bu, dediklərimizin təsdiqidir.

Ümumi daxili məhsulda qeyri-neft sektoru üzrə büdcə gə­lir­lərinin xüsusi çəkisinin yüksəldilməsinin vacibliyi həm cari ilin xarici ticarət dövriyyəsindən, həm də 2012-ci ilin idxal proqnozlarından görünür. 2012-ci ildə 9,7 milyard ABŞ dolları həcmində mal idxalı proqnozlaşdırılır ki, bunun da 7,9 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hal­buki həmin idxal məhsullarının əksəriyyəti ölkədə isteh­sal olunur və ya oluna bilər. Belə olduğu halda, 7 milyard və­sait nəyə görə kənara atılmalıdır və onu həmin idxal məh­sul­ların istehsalına sərf etmək olmazdımı? Məncə, olardı. Bu onu göstərir ki, hökumət neft gəlirlərini iqtisadiyyatın di­ver­si­­fikasiyasına yönəltməyib və qeyri-neft sektorunun inkişa­fı­nın dinamikliyini təmin etməyib.

Kəskin artan Dövlət Neft Fondu transfertlərinin fonunda Ver­gi­lər Nazirliyinin büdcə gəlirlərindəki payı 2010-cu ildə 38,1 faiz olduğu, 2011-ci ildə isə 33,5 faiz gözlənildiyi hal­da, 2012-ci ildə 32,3 faizdir. Bu da 1,2 faiz daha az proqnoz­laş­dırılma deməkdir.

Biz ildən-ilə dövlət büdcəsində neftdən gələn gəlirlərin həc­minin artmasını müşahidə edirik. Neft pullarının büdcə vasi­təsilə bu cür xərclənməsinin ciddi fəsadları ola bilər. Dövlət Neft Fondunun vəsaitlərindən fərqli şəkildə istifadə etmək mümkündür. Fondun vəsaitləri aşağı – illik 3 faiz olmaq şərti ilə xarici ölkələrdə idarə olunur. Amma ölkənin kommersiya bankları xarici maliyyə qurumlarından kifayət qə­dər böyük faizlə borc alırlar. Bank sektorunda da vəziy­yət, bildiyiniz kimi, ürəkaçan deyil. Bu sektorun ən ciddi problemlərindən biri maliyyə dayanıqlığının və likvidliyinin  aşağı olmasıdır.

Qlobal maliyyə böhranı dövründə kommersiya banklarına dövlət tərəfindən maliyyə yardımının edilməməsi, bu bank­la­rın saxlanılması ilə bağlı tədbirlərin görülməməsi və Azər­baycanın dövlət rezervlərinin bir hissəsinin ölkəyə gətiril­mə­mə­si öz mənfi təsirini göstərib. Kommersiya bankları maliy­yə ehtiyatlarını Mərkəzi Bankdan kənar mənbələr hesabına formalaşdırırlar. Bu banklar maliyyə böhranı yaranan zaman bey­nəl­xalq maliyyə qurumlarına olan borclarının bir hissə­si­ni geri qaytara bilir, bir hissəsini isə qaytara bilmirlər. Son illərdə də kifayət qədər böyük məbləğdə borc alınıbdır. Bu da bankların vəsaitin çox hissəsini məhz borcların qaytarıl­ma­sı­na yönəltməsi ilə nəticələnir və borc probleminin böyü­mə­sinə gətirib çıxarır. Dövlət vəsaitlərinin Azərbaycan kom­mer­siya bankları vasitəsilə istifadə edilməməsi birmənalı şəkil­də yerli bankların likvidliyinin azalmasına səbəb olur.

Dünya Bankının ekspertləri Azərbaycana il ərzində neft pul­larından 4,9 milyard manat səviyyəsində xərcləmələrə get­məsini məsləhət görmüşlər. Amma Azərbaycan hökuməti  neft pullarını yalnız büdcə vasitəsilə deyil, Dövlət Neft Fon­dundan ayırmalar hesabına da xərcləyir. Neft pullarının belə sürətlə xərclənməsi Azərbaycana yaxşı heç nə vəd etmir. Bu ilin birinci yarısında dövlət büdcəsinə yenidən baxıldı və investisiya büdcəsinə 2,48 milyard manat pul ayrıldı. Həmin vəsaitin böyüklüyünə diqqət yetirəndə dediklərimiz öz təsdiqini tapır.

Bəzilərində belə qənaət var ki, böyük pul xərclənirsə, prob­lemlər həll olunacaqdır. Amma bu yanlış təsəvvürdür və pu­lun çoxluğu hələ problemin həlli demək deyil. Əsas mə­sələ pulun necə xərclənməsində və ona nəzarət mexaniz­mi­nin necə işləməsindədir. Əgər biz dövlətin orta və uzun­müd­dətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçi­ril­məsini istəyiriksə, dövlətin əsaslı vəsait qoyuluşu xərc­lərinin strukturu təkmilləşdirilməli, həmin vəsaitdən sə­mə­rəli istifadə edilməsinə nəzarət gücləndirilməlidir. Büdcə­dən maliyyələşən və maliyyə yardımı alan təşkilatlara, döv­lət müəssisələrinə nağd şəkildə ödəmələr minimuma endiril­mə­lidir.

Belə görünür ki, neft pulları qurtarana qədər hökumətin yol­ları qurub yenidən dağıtmasının hələ çox şahidi olacağıq. Bu sahədə heç bir ictimai nəzarət mexanizmi yoxdur. Yol çəkilişi spesifik məsələdir, bu bütün dövlətlərdə hökumətin əlində olur və ağıllı, vahid idarəetmə ilə həyata keçirilir. Kom­munal sektorun yerdə qalan sahələri isə hansı ölkədə ki hökumətin əlindədir, orada həmişə problem olur. Hesab edirəm ki, kommunal sektorun idarəetməyə verilməsi ən vacib məsələlərdən biridir və dövlət mülkiyyətini özündə saxlamaq şərti ilə bu sektoru özəl idarəetməyə verməlidir.

Hər il dövlət büdcəsindən enerji təchizatının yenilən­mə­sinə milyonlar ayrılır. Lakin vəsait təyinatı üzrə istifadə edil­mir və korrupsiya yeminə çevrilir. 2005-ci ildən indiyə qə­dər dövlət büdcəsindən “Azərenerji”yə 3 milyard dollara ya­xın vəsait ayrılıb. Bu qədər fantastik xərcləmə fonunda isə ciddi pozitiv nəticə yoxdur. Eyni sözləri “Bakıelek­trik­şə­bəkə” ASC haqqında da demək mümkündür. Bura 680 mil­yon dollar vəsait ayrılıb. Məncə, bu vəsait alternativ və bərpa olunan enerji mənbələrinin yaradılmasına ayrılsaydı, daha səmərəli olardı. 

Büdcənin xərclərinə gəlincə isə bölmələr üzrə xərclərin artım templəri kəskin fərqlənir. 2011-ci ilin proqnozu ilə müqayisədə 2012-ci ildə ümumi büdcə xərcləri 6,5 faiz artmasına rəğmən, iqtisadi fəaliyyətlə bağlı xərclər 56,3 faiz, nəqliyyat və rabitə xərcləri 24,9 faiz, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri 20,6 faiz, “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsi isə 18,4 faiz artıb. Halbuki səhiyyə xərclərində 5,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərində 4,3 faiz, elm xərclərində 3,4 faiz artım nəzərdə tutulur. Bölmələr üzrə xərclərin artım tempində olan belə kəskin kənarlaş­malarla bağlı hökumət izahat verməlidir.

Ehtiyat fondlarına ayrılan vəsaitin artım tempi ümumi büdcə xərclərinin artım tempindən 18 dəfə çoxdur. Bu da narahatlıq doğurur. 2012-ci ilin dövlət büdcəsində ehtiyat fondları üçün 800 milyon manat nəzərdə tutulur. Bu, 2011-ci illə müqayisədə 2,2 dəfə çox deməkdir.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna 300 milyon manat, Nazirlər Kabinetinin sərəncamında olan Dövlət Büdcəsinin Ehtiyat Fonduna isə 500 milyon manat vəsait ayrılıb. Doğrudur, Azərbaycan Respublikası Preziden­tinin Ehtiyat Fondundan vəsaitlərin ayrılması sərəncamlarla tam aydın görünsə də, ikinci fondun vəsaitlərinin istifadəsi barədə ictimaiyyətə heç bir məlumat verilmir.

Büdcə xərclərinin bir qisminin təyinatı bilinmir. Misal üçün, dövlət əsaslı vəsait qoyuluşuna yönəldilən vəsaitləri, “digər xərclər” adı altında gedən vəsaitləri və bütün bölmələr üzrə “sair”, “digər” sözləri qoşulan maddələri nəzərə alsaq, büdcə xərclərinin əhəmiyyətli hissəsinin son istifadə təyinatı büdcədə görünmür.

Təklif edirəm ki, növbəti ilin büdcəsində Milli Elmlər Aka­demiyasında çalışanlar, eyni zamanda, təhsil sistemində işləyənlər üçün nəzərdə tutulan vəsait artırılsın. Akademiya­da işləyən alimlərin stimullaşdırılması üçün büdcədə müəy­yən qədər vəsait nəzərdə tutulub, amma ali məktəb­lərdə işlə­yən alimlərə bu şamil edilməyib. Bundan əlavə, elmin və təh­silin inkişafı üçün möhkəm maddi-texniki bazanın yara­dıl­masına diqqət göstərilməli və buna vəsait ayrılmalıdır.

Ölkədə müəllimlərin, həkimlərin maaşları acınacaqlı vəziy­­yətdədir. Çünki 150–200 manat əmək haqqı ilə do­lan­maq olmaz. Bu təbəqənin maaşları mütləq artırılmalıdır.

Hazırda tələbə yataqxanaları məsələsi ən ağrılı prob­lem­lərdən biri olaraq qalır. Hesab edirəm ki, valideynlərin heç də hamısı övladlarını kirayə evlərdə yaşayışla təmin etmək im­kanına malik deyil. Buna görə də yataqxanalar təmir olunmalı, köçkünlər, qaçqınlar başqa yerə köçürülməli, yeni yataqxanalar tikilməlidir.

Bələdiyyələrə 3,5 milyon manat vəsait ayrılıb. Bu çox cüzi bir miqdardır və hesab edirəm ki, ehtiyat fondlarına ayrı­lan 800 milyon manat vəsaiti azaltmaqla  bələdiyyələrin maddi-texniki bazasının artırılmasına 20-30 milyon manat ayırmaq mümkün olar.

Büdcə layihəsində siyasi partiyaların dövlət tərəfindən maliy­yələşdirilməsi məsələsi də həllini tapmalıdır. Neçə illərdir, QHT-lərə, kütləvi informasiya vasitələrinə dövlət tə­rəfindən maliyyə yardımı ayrılır. Bu, vətəndaş cəmiyyətinin inkişafı üçün müsbət bir haldır. Biz bunu alqışlayırıq. Yaxşı olardı ki, siyasi partiyaların maliyyələşməsi məsələsi 2012-ci ilin büdcəsinə daxil edilsin.

Sovet dövründən qalma əmanətlər məsələsinə də to­xunuldu. Hörmətli Oqtay müəllim də arayış verdi, ona görə mən bu məsələnin üzərində durmaq istəmirəm. Hesab edirəm ki, Prezidentin də bu məsələ ilə bağlı sərəncamı var. Qısa zaman ərzində bu məsələnin həllinin tapılması üçün çalışmaq lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, təklif­lər oldu ki, 5 dəqiqəyə keçək. Ancaq bu gün çıxışları 5 dəqiqə etməyəcəyik, çünki hamı çıxışa hazırlaşıb.

Bir saat ərzində 6 millət vəkili çıxış elədi. Belə getsə, yalnız büdcəni 5 gün müzakirə eləməliyik. Ona görə mən indidən təklif edirəm ki, sabah çıxışları 5 dəqiqə edək. Çıxış elə­yənlər çıxışlarını bir az qısaltsınlar. İndi Qənirə Paşa­yevanın əvəzinə Rafael Cəbrayılov çıxış edəcək. Yerlərini dəyişiblər. Buyurun.

R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökumət nümayəndələri! Dünya iqtisadi böhranının dünya iqtisadiy­yatı üçün ciddi problemlər yaratdığı, habelə bir sıra inkişaf etmiş ölkələrin iqtisadiyyatını iflasla üz-üzə qoyduğu bir şəraitdə Azərbaycan nəinki bu böhranı hiss etmədi, hətta iqtisadiyyat sabit, davamlı, yüksələn bir xətlə inkişafını davam etdirdi. Bu böhranın kulminasiya nöqtəsinə çatdığı bir vaxtda belə, Azərbaycanda quruculuq və abadlıq işlə­ri­nin, habelə nəhəng infrastruktur layihələrinin həyata keçiril­mə­sinin tempi zəifləmədi. Təkcə bu ilin 9 ayı ərzində Azər­baycanın valyuta ehtiyatları təxminən 11 milyard dollar həcmində artıb.

Bütün bunlar ondan irəli  gəlir ki, son illər Azərbaycanda peşəkar iqtisadi siyasət həyata keçirilir. Biz bunu əvvəlki illərin dövlət büdcələrinin müzakirəsi zamanı da görmüşük. Bu gün müzakirəyə çıxarılan növbəti ilin dövlət büdcəsinin layihəsində də əvvəlki illər üçün xarakterik olan cəhətlər qorunub saxlanılıb.

Mənim fikrimcə, layihədə nəzərə çarpan ən mühüm cəhət büdcə xərclərinin təxminən üçdə birdən artıq hissəsinin investisiya xərcləri üçün nəzərdə tutulmasıdır. Azərbaycan­da gedən quruculuq, abadlıq işləri, ümumiyyətlə, Azərbay­can iqtisadiyyatının fundamental şəkildə yenidən qurulması məhz bu xərclərdən qaynaqlandığından, fikrimcə, bu tenden­si­yanı növbəti illərdə də qoruyub saxlamaq lazımdır. Bu, Azər­baycan iqtisadiyyatı üçün, deyərdim ki, önəmli bir istiqamətdir.

Büdcə layihəsində ikinci xarakterik bir cəhət, mənim zən­nimcə, insan faktorunun prioritet təşkil etməsi, insan amilinə dövlətin qayğısının daha qabarıq hiss olunmasıdır. Büdcə xərclərinin təxminən 28 faizinin sosial yönümlü olması, in­ves­tisiya xərclərindən sonra məbləğinə görə ikinci ən böyük vəsaitin, təxminən 1 milyard 576 milyon manatın təhsil üçün ayrılması, habelə dövlət büdcəsindən təxminən 1 milyarddan artıq vəsaitin Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olunması  dediklərimi bir daha təsdiq edir.

Həm büdcə layihəsində, həm də büdcə ilə bağlı Hesab­la­ma Palatasının rəyindən də görünür ki, növbəti ildə insan­larımızın əmək haqqı, pensiya və müavinətlərinin artırılması birmənalı şəkildə nəzərdə tutulmuşdur. Bu, mütəmadi olaraq həyata keçirilir, amma bu gün bu artım inflyasiya və qiymət artımları ilə ayaqlaşa bilmir. Buna görə də düşünürəm ki, artım mütəmadi xarakter daşımalı və büdcədə bu istiqamət daim nəzərdə saxlanılmalıdır. İnsanların real gəlirlərinin ar­tırıl­ması, maddi təminatı büdcədə daim diqqətə alınmalıdır, çünki Azərbaycan dövlətinin Azərbaycan Respublikası və­tən­­daşından  dəyərli milli sərvəti yoxdur. 

Büdcə layihəsində nəzəri cəlb edən üçüncü bir cəhət isə yenə də müdafiə xərcləri üçün böyük məbləğin nəzərdə tu­tul­masıdır. Mən düşünürəm ki, konkret zərurətdən qay­naq­lanan bir haldır və bu məbləğ daha da artırılmalıdır. Qarabağ prob­leminin  həlli ilə bağlı ATƏT-in iqtidarsızlığı, hətta onun rəsmilərinin bunu rəsmi şəkildə etiraf etməsi Azər­bay­canı yeni bir reallıqla üz-üzə qoyur. Belə bir şəraitdə res­pub­li­kanın müdafiə qabiliyyətinin daha da artırılması, ordunun dö­yüş ruhunun yüksəldilməsi xüsusilə vacibdir. Düşünürəm ki, bu məbləğ daha da artırılmalıdır. Ümumiyyətlə, sonda de­mək istəyirəm ki, bu büdcə layihəsi Azərbaycanın hazırkı in­kişafını növbəti ildə də davamlı edəcək və mən mükəmməl sənəd olduğundan ona səs verəcəyəm. Hörmətli həm­kar­la­rı­mı da buna səs verməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.

 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin

müavini B.Muradova  sədrlik edir

 

Sədrlik edən. Sağ olun, Rafael müəllim. Azay Quliyev.

A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Bahar xanım, hör­­mətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən hər şeydən öncə, bildirmək istəyirəm ki, müzakirəmizə təqdim olunan büdcə layihəsi  kifayət qədər əsaslı şəkildə, aydın dildə hazırlanıb.

Mən xüsusilə vurğulamaq istəyirəm ki, ilk dəfədir, büdcə layihəsi Milli Məclisin müzakirəsinə verilməmişdən öncə Maliy­yə Nazirliyinin internet saytında yerləşdirilibdir. Əha­linin, ictimaiyyətin büdcə layihəsi ilə tanış olmaq imkanı olub və mən bunu çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ictimai müzakirə, şəffaflıq baxımından bu yaxşı bir ənənənin başlanğıcıdır.

Bütövlükdə isə düşünürəm ki, burada büdcənin bütün parametrləri ilə, xüsusilə makroiqtisadi göstəricilərlə bağlı ki­fayət qədər fikirlər səsləndirildi. Bunları təkrar edərək vax­tınızı almaq istəmirəm, amma bir məsələni xüsusilə vur­ğu­lamaq istəyirəm. Əvvəlki illərdə olduğu kimi, builki büd­cə də Azərbaycanda iqtisadiyyatın göstəricisi hesab olunur və Azərbaycanda iqtisadiyyatın nə qədər stabil və inkişafa yönəlik olduğunu göstərir. Təbii ki, bu işdə cənab Prezi­dentin həyata keçirdiyi islahatlar, qəbul etdiyi qərarlar öz sözünü deyir və bundan sonra da deyəcəkdir.

Bir şeyi ayrıca vurğulamaq istəyirəm. Doğrudan da, bizim büdcə layihəmiz maliyyə baxımından daha çox ola bilərdi, lakin həmkarlarım qeyd etdiyi kimi, burada müəyyən risklər nəzərə alınıbdır. Xüsusilə dünyada baş verən və Avropanın inkişaf etmiş ölkələrində yaşanan iqtisadi böhranın nəticələri tam şəkildə aradan qalxmadan, təbii ki, büdcə kifayət qədər ehtiyatlı hazırlanmalıdır. Hesab edirəm, Azərbaycan hökuməti bunu nəzərə alıbdır.

Amma buna baxmayaraq, bütün istiqamətlər üzrə artımlar var və təbii ki, bu, müsbət qiymətləndirilməlidir. Valyuta eh­ti­yatlarımızın artması da diqqətəlayiq haldır. Təkcə son 8 ayın göstəricilərinə görə bizim 40,5 milyard dollar valyuta eh­tiyatımız var. Gələn il valyuta ehtiyatının ümumi daxili məh­sulun 75 faizi civarında artması gözlənilir ki, bu da iq­ti­sadiyyatımızın əsaslarını daha etibarlı şəkildə mühafizə edir.

Büdcəyə gəldikdə isə mən bir neçə istiqamət üzrə fikir­lərimi bildirmək istəyirəm. Birinci istiqamət çox mühüm bir məsələdir. Bu, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına vəsaitin xeyli miqdarda artırılması ilə bağlıdır. Hesab edirəm, artım bu sahədə islahatlara yeni bir təkan verəcəkdir.

İkinci müsbət istiqamət bu dəfə də təhsil, səhiyyə və sosial müdafiə sahələrinə vəsaitin kifayət qədər artırıl­ma­sıdır. Yeri gəlmişkən, fürsətdən istifadə edib bir daha əmin­li­yimi bildirmək istəyirəm ki, cənab Prezidentin ifadə etdiyi ki­mi, növbəti ildə müəllimlərin və həkimlərin maaşları ar­tı­rı­lacaqdır. Həqiqətən də, buna çox böyük ehtiyac var və bu barədə Maliyyə Nazirliyinin də müvafiq açıqlaması olubdur.

Üçüncü istiqamət ünvanlı sosial yardımın məbləğinin ar­tı­rılması ilə bağlıdır. Bilirsiniz ki, bu sahəyə 800 milyon ma­nat vəsait ayrılacaqdır. Təbii ki, bunu alqışlamaq lazımdır, çü­nki ünvanlı sosial yardıma ehtiyacı olan insanların eh­ti­yac­larını qarşılamaq hökumətin prioritet istiqamətlərindən bi­ridir və təqdirəlayiqdir. Mən fürsətdən istifadə edib bu mə­sələ ilə bağlı bir məqamı qeyd eləmək istəyirəm. Ola bilsin, gə­ləcəkdə birbaşa əhaliyə verilən maddi yardımın əsas is­ti­qa­mətini dəyişək və həmin köməyə ehtiyacı olan əhaliyə onu faizsiz kreditlər şəklində verək. Bu həmin əhalinin məş­ğ­ul­luq problemini həll edə və onların dövlətdən asılılığını azal­da bilər. Bununla da biz iş yerlərinin açılması isti­qa­mə­tin­də yeni bir addım atmış olarıq. Mən onu da deyim ki, məsələn, Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu var. Bu fondun bu sahədə çox müsbət təcrübəsi var və ondan yararlanmaq olar.

Daha bir yenilik ilk dəfə “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı üçün 20 milyon manat vəsaitin nəzərdə tutulmasıdır. Hesab edirəm ki, Azərbaycan gəncliyinin belə bir proqrama ehtiyacı var və hökumətə də təşəkkür edirəm ki, kifayət qədər böyük vəsaiti bu məsələ üçün xərcləməyə hazırlaşır.

Nəhayət, diqqətimi çəkən mühüm sahələrdən biri də mədəniyyətin inkişafı ilə bağlı ayrılan vəsaitlərin həcmi ilə əlaqədardır. Xüsusilə kino və teatrın inkişafı üçün nəzərdə tutulan vəsaitin artımı alqışlanmalıdır. Doğrudan da, son illər bu istiqamətdə kifayət qədər ardıcıl islahatlar həyata keçirilir, infrastrukturun yaxşılaşdırılmasından tutmuş digər mahiyyəti addımlar atılır. Hesab edirəm ki, bu müsbət haldır və bizim büdcə həmin tendensiyanı davam etdirəcəkdir.

Eyni zamanda, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fon­duna vəsaitin artırılması da, hesab edirəm ki, Azərbay­canda KİV-in inkişafına əlavə üstünlük verəcəkdir. Bütöv­lük­də bu, büdcənin uğuru hesab edilməlidir.

İndi isə bir neçə təkliflə çıxış etmək istəyirəm. Əziz həmkarlarım, hörmətli hökumət üzvləri! Mən istəyirəm, QHT-lərə dövlət büdcəsindən ayrılan vəsaitlə bağlı fikrimi bildirəm. Düzü, əvvəl bir az tərəddüd etdim, dedim ki, bəlkə QHT sektorunu təmsil etdiyimə görə bu məsələni davamlı şəkildə gündəliyə gətirməyim o qədər də arzu olunan deyil­dir. Amma nəzərə alaq ki, dəfələrlə Milli Məclisin iclas­larında qeyri- hökumət təşkilatlarının xarici asılılığı ilə bağlı narazılıqlar və narahatlıqlar ifadə olunubdur. Bunu nəzərə alaraq hökumətin diqqətini bu məsələyə bir daha cəlb etmək istədim.

Bilirsiniz ki, cənab Prezidentin bilavasitə təşəbbüsü ilə son illər QHT sektoruna çox böyük dəstək verilir. Təbii ki, bu təqdirəlayiq bir haldır. Artıq qeyri-hökumət təşkilatları döv­­lətin bilavasitə dəstəyi ilə ümummilli məsələlərin, ic­ti­mai problemlərin həllində yaxından iştirak edirlər. Amma bi­zim apardığımız müşahidələr və statistik təhlillər göstərir ki, ayrılan vəsait bütövlükdə qarşıda duran məqsədə çatmağa ki­fayət etmir. Ədliyyə Nazirliyi verdiyi məlumata görə təkcə ke­çən il qeyri-hökumət təşkilatlarının illik büdcəsi 30 mil­yon manatdan çox olubdur. Mən bu rəqəmi bir neçə dəfə səs­ləndirmişəm, istəyirəm, bir daha səsləndirəm. 30 milyon ma­nat vəsaitin cəmi 7 faizi, yəni 2100 manatı Qeyri-Hö­ku­mət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə ve­ri­lib­dir. Yerdə qalan vəsait, təəssüf ki, xarici, kənar zonalardan da­xil olub. Hələ bir çox vəsaitin uçota alınmamasını nəzərə al­saq, QHT sektorunun təxminən 95 faiz maliyyə asılılığı xa­rici donorların üzərinə düşür. Bu bizim dövlətçilik ma­raq­la­rımız baxımından məqbul sayıla bilməz və bu barədə dü­şün­məyə kifayət qədər əsas var. Ona görə Maliyyə Na­zir­li­yin­dən, hörmətli Samir müəllimdən xahiş edərdim, im­kan­lara bir daha baxılsın. Əgər mümkündürsə, heç olmasa, illik büd­cənin 15 faizi civarında şuraya vəsait ayrılsın. Bu bizim iq­tisadi imkanlarımız daxilindədir.

Bundan başqa, burada kənd təsərrüfatına verilən kreditlər qeyd olundu. Bu agentliyə 8 milyon manat vəsait ayrılıbdır. He­sab edirəm ki, son illərdə bu sahəyə vəsaitin artırılmasına bö­yük ehtiyac var. Kənd təsərrüfatının dəstəklənməsi nöq­te­yi-nəzərindən və ümumiyyətlə, qeyri-neft sektorunda kənd təsərrüfatının payını artırmaq baxımından bu cür kreditlərin sayını artırmaq olar.

Burada həmkarlarım sosial ipoteka məsələsinə toxun­dular. Doğrudan da, 20 milyon manat vəsait çox azdır. Bu vəsaitin artırılması istiqamətində təkliflər səsləndi və hesab edirəm, hökumət buna diqqətlə yanaşa bilər.

Bir neçə kəlmə də seçildiyim Şirvan şəhəri haqqında de­mək istəyirəm. Təbii ki, cənab Prezidentin dəstəyi ilə Şirvan şə­hə­rin­də bir çox istiqamətdə quruculuq işləri davam edir. Sosial-iq­tisadi problemlər öz həllini tapmaqdadır, lakin bir neçə mə­sə­lə hələ də həll olunmamış qalır. Bunlardan biri şəhər sta­dionunun tikintisinin hələ də başa çatmamasıdır. 2008-ci ildən tikinti dayanıbdır. Hesab edirəm, bu məsələyə baxmaq olar.

Şirvan şəhərinin “Köhnə şəhər” adlanan yaşayış mas­sivinin və Bayramlı qəsəbəsinin təbii qazla təminatında ciddi problemlər yaşanır. Məlumat üçün deyim ki, həmin əraziyə səmt qazı verilir, lakin təzyiq aşağı olduğu üçün qış vaxtı ərazi tamamilə qazsız qalır. Hesab edirəm, infrastruktur layihələ­rində bu məsələyə baxılmalıdır.

Nəhayət, deyəcəyim növbəti məsələ Şirvan şəhərinin “Bağ evləri” yaşayış massivində yeni orta məktəbə və uşaq bağçasına olan ehtiyacla bağlıdır. Mən bu barədə hörmətli təhsil nazirinə müraciət etmişdim və ona müsbət cavab da gəlmişdi. Düşünürəm ki, hörmətli Misir müəllim növbəti illərdə qeyd etdiyim ərazidə yeni məktəb infrastrukturunun yaradılması istiqamətində qaldırdığım təşəbbüsə dəstək verəcəkdir. Mən bir daha büdcə layihəsinin çox uğurlu olduğunu vurğulamaq istəyirəm və həmkarlarımı layihəyə dəstək verməyə çağırıram. Çox sağ olun.

 

Azərbaycan Respublikası  Milli Məclisinin

Sədri O.Əsədov sədrlik edir

 

Sədrlik edən. Çox sağ olun. Sədaqət xanımın sualı var. Buyurun.

S.Vəliyeva. Hörmətli Oqtay müəllim, hörmətli sədarət! Mənə söz verdiyinizə görə çox sağ olun. Mən Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında qanun layihəsini diqqətlə oxudum və ona səs verəcəyəm.

Nazirlər Kabineti üzvlərinin burada olmasından istifadə edərək bir məsələyə toxunmaq istəyirəm. Bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı 1994-cü il 9 mart tarixli qərarı ilə bağlıdır. Burada müalicə-profilaktika müəssisələrində bir xəstəyə verilən orta sutkalıq ərzaq normaları göstərilib. Ancaq burada vərəmli xəstələr nəzərə alınmayıb, bəlkə də yaddan çıxıbdır. Mən çox xahiş edirəm ki, bu qərara Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə yenidən baxılsın. Burada onkoloji, nevroloji, qastroentoloji, hemotoloji  xəstələr nəzərə alınıb, ancaq vərəmli xəstələr yad­dan çıxıbdır. Çox xahiş edirəm, bunu nəzərə alsınlar, çünki vərəmli xəstələrin müalicəsinin qidalanma ilə çox mü­hüm əlaqəsi var. Onların normaları artırılmalıdır.

İkinci, istərdim, Təhsil Nazirliyinə müraciət eləyim. Bu, uşaqlarımızın yay istirahətinin təşkili ilə bağlıdır. Əvvəllər məktəb düşərgələri vardı və uşaqlarımız nəzarətdən kənarda qalmırdılar. Bu, çox da böyük maliyyəsi olan bir məsələ deyil. Hesab edirəm ki, bunu həll etmək mümkün olar. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Məlahət İbrahimqızı buyursun.

M.İbrahimqızı. Çox sağ olun. Cənab Sədr, hörmətli həm­­karlarım, hörmətli hökumət üzvləri! Məndən öncə Azər­baycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında səsləndirilən bütün fikirlərlə razıyam. Həqiqətən də, çox mükəmməl və gündən-günə təkmilləşən bir büdcədir və bir azərbaycanlı kimi hər birimiz bununla fəxr edirik.

Bir neçə gün bundan qabaq möhtərəm Prezidentimizin bölgələrə – Şəkiyə, Oğuza, Qaxa, Qəbələyə səfərini izləmi­şik və həqiqətən də, respublikamızın ərazisində geniş­miqyaslı, böyük maliyyə tutumlu layihələr həyata keçirilir. Bunların hər biri bizə əsas verir deyək ki, 2003-cü ildən bu yana əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox yüksək səviyyədə, uğurla həyata keçirilir.

Hörmətli həmkarlarım, bizim hər birimiz tez-tez xarici ölkələrdə səfərdə oluruq. Son 3 ildəki səfərlərimizlə bağlı mən fikirlərimi söyləmək istərdim. Avropanın inkişaf etmiş ölkələrində belə, başlanmış layihələrin  hamısı maliyyə böhranı nəticəsində, demək olar ki,yarımçıq qalıbdır. Biz müxtəlif ölkələrdə olduğumuz zaman bunun şahidi oluruq. Azərbaycana gəldiyimiz zaman isə sanki dünyada belə bir böhranın olduğunu hiss etmirik. Ölkəmizdə həyata keçirilən bütün işlər, xüsusilə də əsası qoyulan, reallaşdırılan böyük miqyaslı layihələr sanki dünyada olan maliyyə böhranını inkar edir və onun Azərbaycana heç bir təsiri hiss olunmur. Bu da bir daha onu göstərir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadi sahədə nə qədər böyük uğurlu siyasət həyata keçirir.

Hörmətli həmkarlarım, mən büdcə ilə bağlı çox danışmaq istəmirəm, çünki məndən öncə bir çox fikirlər səsləndi. Bu gün bizə təqdim olunan büdcə zərfi ilə bağlı mən konkret təkliflərimi söyləmək istəyirəm. Əlbəttə, bütün sahələr üzrə böyük artımları hiss edirik. Bu istiqamətlər içərisində hər bir Azər­­baycan vətəndaşı üçün ən əsası, ən vacibi Qarabağ prob­­lemidir ki, bununla bağlı büdcə öz əksini tapan mə­sə­lə­lə­rə fikirlərimi bildirmək istərdim. Əlbəttə, ilk növbədə, mü­dafiə gücümüzün artırılması bizim üçün çox əhəmiyyətlidir. Hər zaman möhtərəm Prezidentimiz də söyləyir ki, sonunda sülh yolu, danışıqlar nəticə verməsə, hərbi yol Azərbaycan vətəndaşının konstitusion hüququdur. Bu mənada müdafiə gücümüzün gündən-günə artırılmasının nə qədər vacib olması bizə bir daha aydın olur. Təqdim olunmuş layihədə də 2012-ci ildə müdafiə xərclərinin nəzərə çarpacaq dərə­cədə artırılması təqdirəlayiqdir.

Amma mənim bununla bağlı hörmətli maliyyə nazirinə bir neçə sualım var. 2012-ci ildə müdafiə xərclərinin artırılması çərçivəsində hərbi qulluqçuların sosial-iqtisadi problemləri, xüsusilə əmək haqları, onların istifadə edə biləcəyi sosial ipoteka, mənzil kirayələri, uzunmüddətli az faizlə verilən ssuda ilə bağlı hər hansı irəliləyiş nəzərdə tutulubmu? Bu bir reallıqdır ki, bu gün Azərbaycanın hərbi qulluqçusu düşmənlə üzbəüz dayanıbdır. Bu insanların istər maddi, istər sosial, istərsə də digər sahələrdə güzəranları, vəziyyətləri yaxşılaşdıqca, onların daxilindəki gücün daha çox olacağına əmin oluruq. Bu gün hərbi qulluqçulara kirayə üçün verilən vəsait bölgələrdə 31 manat, şəhərdə isə 100 manatdan bir az artıqdır. Bu gün hərbi qulluqçular ilkin ödəniş məbləğinin çox olduğuna görə ipoteka kreditindən yetərincə istifadə edə bilmirlər. Ona görə hərbi qulluqçular üçün ipoteka kreditində ilkin ödəniş ləğv olunmalıdır. Digər xarici ölkələrdə – Rusiyada, Türkiyədə, İsraildə olduğu kimi, onlara uzun müddətə ssuda verilməsi çox yerinə düşər­di. Bir sıra ölkələrdə hərbi qulluqçulardan gəlir vergisi ya tu­tul­mur, ya da Azərbaycanla müqayisədə çox aşağı səviyyədə tutulur.

2012-ci il büdcə zərfinin müzakirəsi olduğu üçün für­sət­dən istifadə edərək bir xahişimi də burada səsləndirmək istəyirəm. Parlamentin ayrı-ayrı iclaslarında dəfələrlə bu məsələ deyilibdir. Azərbaycan xalqı XX əsrdə ən çox depor­tasiyaya, soyqırımına məruz qalan xalqlardandır. XX yüzil­lik­də, demək olar ki, hər 10 ildən bir Azərbaycan xalqı mənfur qonşularımız, işğalçı Ermənistan tərəfindən depor­tasi­y­aya məruz qalıb. 2012-ci ilin büdcəsi gələcəkdə Azər­baycanda bir soyqırımı muzeyinin yaradılmasına imkan verir­mi?

Mənim növbəti təklifim təhsil sahəsi ilə bağlıdır. Bu bir gerçəklikdir ki, ölkəmizdə yüzlərcə məktəb istifadəyə ve­ri­lib. Həqiqətən də, Azərbaycanda istifadəyə verilən orta mək­təblər başqa ölkələrin universitetləri səviyyəsindədir. Eləcə də, bizim universitetlərimiz başqa ölkələrin muzeylərinə bən­zəyir. Yəni yüksək zövqlə, dizaynla tikilib,  təchizatı da əla vəziyyətdədir. Amma mənim seçildiyim bölgədə prob­lem var. Digər millət vəkilləri də söhbət zamanı onlarda da be­lə problemin olduğunu etiraf edirlər. Məsələn, iş adamları tə­rəfindən tikilən məktəblərdə qaz təchizatı ilə bağlı ciddi prob­lemlər var. Müxtəlif xeyriyyəçi təşkilatlar, xeyriyyəçi insanlar öz ölkəsində, kəndində, obasında xeyirxahlıq edib məktəblər, ayrı-ayrı sosial obyektlər tikiblər. Bu gün təbii qa­zın, istilik sisteminin olmamasından yeni tikilmiş mək­təb­lər çox ciddi problemlərlə üzləşiblər. Mən bu məsələ ilə bir ne­çə dəfə maraqlanmışam və dəqiq məlumat almaq üçün ra­yo­nun təhsil işçilərinə müraciət etmişəm. Burada, təbii ki, Təh­sil Nazirliyi ilə bağlı məsələ yoxdur. Bu məsələ ilə bağlı “Azəriqaz” Səhmdar Cəmiyyətinin subyektiv və obyektiv prob­lemlərinin olduğunu söylədilər. Bura çox böyük maliy­yə tələb olunduğu və bu gün bunun da təhsilə ayrılan büd­cədə olmadığı söylənildi. Ona görə xahiş edərdim ki, 2012-ci ilin dövlət büdcəsindən məktəblərin istilik sisteminin təminatı ilə bağlı vəsait ayrılsın.

Tibbi sığorta ilə bağlı məsələ qaldırıldı. Mənim də tibbi sığorta ilə bağlı çox ciddi narahatçılığım var. Gələcəkdə Azərbaycanda tibbi sığorta tətbiq olunacaqmı? Sualıma da cavab istərdim.

Sonuncu sualım Şəmkir rayonunun seçicilərinin qaldır­dığı məsələ ilə bağlıdır. Mən əminəm ki, bu problem digər bölgələrdə də var. Kəndlərdə ayrı-ayrı xeyriyyəçi təşkilatlar və xeyirxah insanlar tərəfindən kənd təsərrüfatı məqsədi ilə artezian quyuları qazılıbdır. İnsanlar xeyirxahlıq məqsədi ilə öz gəlirlərindən vəsait ayırıb bu işləri görüblər. Amma  artezian quyuları “Azərenerji” tərəfindən balansa alınmır və enerji təchizatı olmadığından onlar ölü vəziyyətdə, istifa­dəsiz qalırlar. Bu da kənd təsərrüfatında ciddi problemlər yara­dır. Bununla bağlı sual vermək istərdim. 2012-ci ildə xeyriyyəçi təşkilatlar və insanlar tərəfindən tikilmiş artezianlar siyahıya alınsa və bunlar “Azərenerji”yə və yaxud müvafiq icra strukturuna...

Sədrlik edən. Çox sağ olun.  Azər Badamov buyursun.

A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hör­mətli millət vəkilləri və hökumət nümayəndələri!  İlk olaraq qey­d etmək istərdim ki, müzakirə etdiyimiz 2012-ci il dövlət büd­cəsi layihəsində  qeyd olunan  göstəricilər ölkəmizin iq­ti­sadi dayanaqlığının və inkişaf mərhələsinin bariz nü­mu­nəsidir. Dünyada yaşanan qlobal maliyyə böhranının sonrakı  fəsad­l­arı dövründə bir sıra Qərb ölkələrinin iqtisadiyyatında hansı gərilmələrin mövcud olduğu hər kəsə bəllidir. Hətta qlo­bal maliyyə böhranı dövründə belə, Azərbaycan iqti­sadiyyatının inkişaf etməsi bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının möhtəşəmliyindən xəbər verir.

Qeyd etmək istərdim ki, bu gün Azərbaycanın iqtisadi tendensiyasının çoxşaxəli olması büdcə layihəsində də öz əksini tapıb. İnkişaf tendensiyası yalnız böyük regionlarda deyil, rayon və kəndlərimizdə də eyni ahənglə davam edir. Məhz dövlət büdcəsinin ildən-ilə artımı istər kənd təsər­rü­fa­tı­nın, istərsə də regionlarda fəaliyyət göstərən digər istehsal sa­hələrinin inkişafını təmin edir. Bu isə nəticə etibarilə vətəndaşlarımızın sosial-iqtisadi yaşamlarının yüksəlməsinə yol açır. 2011-ci ildə əhalinin pul gəlirlərinin 19 faiz artımı, so­sial qayğıya ehtiyacı olan insanlara verilən müavinətlərin, tə­qaüdlərin davamlı şəkildə artırılması ölkəmizin iqtisadi inkişafında dövlət büdcəsinin yaratdığı imkanlardır.

Sevindirici haldır ki, 2012-ci ilin dövlət büdcəsi layihəsi də  sosial yönümlüdür və əsas məqsəd kimi vətəndaşların so­s­ial rifahının yüksəlişini özündə ehtiva edir. Bununla yanaşı, bil­dirmək yerinə düşər ki, qarşıdan gələn ilin dövlət büdcəsinin investisiya yönümlü olması da 2012-ci ildə regionlarımızın inkişafının daha da yüksəlməsinə imkan verəcək.

Mən bu gün bir faktı qeyd etmək istərdim. Parlamentdə təmsil etdiyim Qusar rayonunda son dövrlərdə görülən işlər, icra olunan layihələr, açılan müəssisələr, o cümlədən tikilən istirahət kompleksləri regionlarda yeni iş yerlərinin yaran­ma­sına, həm də vətəndaşların sosial vəziyyətinin yük­səl­məsinə xidmət edir. Bu gün Qusarda elə layihələr həyata keçirilir ki, bir neçə il öncə onları heç təsəvvür etmək olmaz­dı. Amma ölkə rəhbərliyinin qətiyyəti, əzmkarlığı əlçatmaz kimi görünən layihələri reallığa çevirdi. Söhbət bu gün Qusarda sürətlə tikintisi aparılan Şahdağ turizm komplek­sindən gedir. Bu kompleksin tikilib istifadəyə verilməsi rayonun, bütövlükdə ölkənin iqtisadiyyatına böyük töhfə verəcəkdir və rayonun turizm imkanları xeyli artacaqdır.

Rayon təmsilçisi kimi məni bir məsələ narahat edir. Belə ki, bu kompleksin tikintisi bir neçə fazada həyata keçirilir ki, birinci faza üzrə işlər  artıq başa çatmaqdadır. Kompleks tam istifadəyə verildikdən sonra  burada 5 min nəfərə qədər işçiyə ehtiyac  yaranacaqdır. Ölkəmizin böyük turizm poten­sialına nail olduğunu, müasir turizm infrastrukturunun ya­ran­masının vacibliyini nəzərə alsaq, bu sahədə çalışan mü­təxəssislərin hazırlanmasına günün vacib məsələsi kimi baxmalıyıq. Həm də Şahdağ turizm kompleksi  bu sahə üzrə təhsil alacaq tələbələrin  təcrübə bazası olacaqdır. Qusar rayonunda turizm sahəsində ixtisaslı kadrlar hazırlayan bir təhsil müəssisəsinin yaradılmasını nazirliklərdən xahiş edi­rəm və bunun üçün dövlət büdcəsindən vəsait nəzərdə tutul­masını da təklif edirəm.

Regionlarımızda yaradılan yeni infrastrukturların sayə­sində son 8 ildə ölkəmizdə açılan iş yerlərinin sayı 950 minə çatıb. Təbii ki, bu mənada cənab Prezidentimizin imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da  xüsusi qeyd olunmalıdır. Bu proqramın uğurlu icrası bu gün böl­gə­lərimizin müasir inkişafının, aparılan abadlıq işlərinin təməl prin­sipinə çevrilib. Regionlarda yeni infrastrukturların yara­dıl­ması, kənd təsərrüfatının inkişafına  dövlət dəstəyi, o cüm­lədən sahibkarlığın inkişafına yardım həm də  ölkəmizin əsas prioritetlərindən olan ərzaq  təhlükəsizliyi məsələsinin həllində böyük əhəmiyyət daşıyır.

Bu gün müzakirə olunan dövlət büdcəsi ölkəmizin bu istiqamətdə uğurlarının davam etdirilməsinə imkan verir. İna­nırıq ki, 2012-ci il də  məhz geridə qoymağa hazırlaş­dığımız 2011-ci il kimi, iqtisadi uğurlarla  və inkişafla yadda qalacaq. Təqdim olunan dövlət büdcəsi layihəsi qanuna uy­ğun, ətraflı tərtib edilərək iqtisadiyyatın bütün sahələrini əhatə etmişdir. Qanun layihəsinə səs verəcəyəm və həm­karlarımı da buna səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Yaqub Mahmudov.

Y.Mahmudov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən hər şeydən əvvəl istərdim ki, dövlətimizin gələcək inkişafı, xalqımızın gələn ildə yaşaması üçün əhəmiyyətli olan bu sənədə prinsipial münasibətimi bildirim. Məmnunluq hissi keçirirəm ki, bizim oturuşmuş maliyyə-iqtisadi sistemimiz var və hər il bir-birindən daha təkmil büdcə sənədləri bizə təqdim olunur. Bu sənədlər müzakirədən qabaq həm internet, həm də müxtəlif vasitələrlə yayılır, camaatın müza­kirəsinə verilir. Bu olduqca böyük uğurdur.

Büdcə zərfinə daxil olan sənədlərlə ətraflı tanışlıq onu göstərir ki, həmişəki kimi, bu gün də Maliyyə Nazirliyimiz Milli Məclisin müzakirəsinə mükəmməl bir sənəd çıxarıb. Ona görə də mən onlara təşəkkürümü bildirmək istəyirəm və deputat həmkarlarımı da bu sənədə səs verməyə çağırıram.

Mən xüsusi qeyd etmək istəyirəm ki, unutmaq lazım deyil, gələnilki inkişafımızı müzakirə edirik. Bu o ölkədir ki, uzun­müddətli müharibə vəziyyətindədir və bir milyondan çox qaçqını var. Belə bir ölkədə büdcə zərfi müzakirə olu­narkən hiss edirik ki, gələn il üçün bütün sahələrdə Azər­baycanın növbəti inkişafı təmin olunur. Elə bir sahə yoxdur, millət vəkilləri narahat olsunlar ki, keçən il bu sahəyə bu qədər vəsait ayrılmışdır, bu il azaldı və vəziyyətimiz filan sahədə çətin olacaq. Yəni bütün sahələr üzrə rəqəmlərdə artım var və keçən ildəkinə nisbətən Azərbaycanın daha sürətli inkişafı təmin olunacaqdır. Mən elə bilirəm ki, bu, mühüm bir göstəricidir və bu münasibətlə də öz məmnun­luğumu bildirmək istəyirəm.

Burada xüsusi qeyd etmək istəyirəm ki, bu çətin, ağır problemlərlə dolu dünyada, Avropada maliyyə-iqtisadi böh­ranın baş alıb getdiyi bir zamanda Azərbaycan Cənubi Qaf­qazda ən sürətlə inkişaf edən ölkədir və bu inkişafın da kökündə Azərbaycan Prezidentinin yeritdiyi müdrik siyasət durur. Bu siyasətin nəticəsidir ki, biz keçən il də xeyli irəli getdik. Gələn il üçün bütün sahələrdə inkişafı təmin edən rəqəmlər də artıq ortadadır.  Ona görə də istərdim, elə buradan Azərbaycan dövlətinin başçısına minnətdarlığımızı bildirək ki, dünyadakı bu çətinliklər şəraitində Azərbaycanın inkişafını təmin edir.

Əlbəttə, mən qeyd etmək istəyirəm ki, bu büdcənin çox mühüm bir xüsusiyyəti tükənməyən bir kapitala – insan zə­kasına önəmli qiymət verilməsidir. Təhsilimizin, elmimizin inkişafına ötən illərə nisbətən daha artıq diqqət göstəril­məsidir. İnsan kapitalına Prezidentimizin verdiyi qiymət buradan daha aydın görünür.  Bu da çox uğurlu bir haldır.

İkinci isə, bu büdcənin sosial yönümlü olması bizi qane edir və bizim seçicilərimizi də  maraqlandıran, narahat edən məsələlərə cavab verir. Sosial sferaya ötən ilə nisbətən 10,5 faiz vəsaitin artırılması yenə camaatımızın vəziyyətinin yax­şı­la­şacağından xəbər verir.

Mən bütün bunları qeyd edərək, əlbəttə, bəzi mü­lahizələrimi, təkliflərimi bildirmək istərdim. Bunlardan birincisi, tarixi şəhərlərimizin dirçəldilməsi ilə bağlıdır. Hör­mətli Samir müəllimin də burada olmasından istifadə edərək mən bunu bir qədər bərkdən demək istəyirəm. Azərbaycan dövlətinin başçısı bu günlərdə Şəkidə olanda oradakı söh­bətlərdən də, mətbuatdan da, Prezidentin çıxışlarından da hiss etdim ki, dövlət başçısı tarixi şəhərlərimizin dirçəl­dilməsi konsepsiyasını ələ götürüb.

Azərbaycanın bölgələrində min illərlə tarixi olan şəhərlər var. Dünyanın heç bir yerində 5 min tarixi olan Naxçıvan  kimi şəhər, bizim Gəncəmiz, Şəkimiz, Şamaxımız kimi qədim şəhərlər yoxdur. Bu şəhərlərin hamısı bütün tarixi dövrlərdə paytaxt problemlərini müəyyən dərəcədə öz üzərilərinə götürüblər. O bölgələrdə nur yayan mərkəzlər olublar. Buna görə də bu şəhərlərin dirçəldilməsinin böyük əhəmiyyəti var. Xüsusilə turizmin inkişafı nöqteyi-nəzərin­dən də bu vacibdir. Turistlər daha çox bizim mənəviy­yatı­mız­la, tarixi abidələrimizlə, qədim şəhərlərimizlə tanış ol­mağa gəlirlər. Buna görə də mən hesab edirəm ki, büdcə formalaşdırılanda bu cür şəhərlər, misal üçün, 80 min əhalisi olan və abidələri sökülüb dağılmaqda olan Şəki şəhəri nə­zə­rə alınmalıdır. Mən istərdim ki, gələcəkdə bu istiqamətə diq­qət bir qədər artırılsın və tarixi şəhərlərimizin dirçəldil­məsi üçün Prezidentimizin irəli sürdüyü konsepsiyanın inkişafına təsir göstərən büdcə formalaşdıraq. Əlbəttə, bu, bir ilin işi deyil. Arzu edərdim ki, gələcək üçün bu, nəzərə alınsın.

Mən buradan dövlət başçısına seçicilərimizin minnət­darlığını yetirmək istəyirəm. Prezidentə bildirdim ki, Mirzə Fətəli Axundovun 200 illik yubileyi keçiriləcək, amma Şəki kimi bir şəhərdə onun əsərlərini qoymaq üçün lazımi teatr səhnəmiz yoxdur. Dövlət başçısı çox təəssübləndi və proq­ramını dəyişdirərək Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına getdi. Məlum oldu ki, ora buzxanadır və orada ancaq ət saxlamaq olur. Orada tamaşa göstərmək mümkün deyil, heç bir şərait yoxdur. Göstəriş verdi ki, bu mədəniyyət ocağı Bakının ən yaxşı teatrları səviyyəsinə qaldırılsın.

Bu cür problemlər çoxdur. Peşə məktəblərinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq müvafiq göstərişlər verildi. Şəki şəhərinin 80 min əhalisi var. Azərbaycanın ilk aeroportu da burada olub. İndi turizmin inkişafı ilə bağlı ora insanların kütləvi axını olacaq, amma aeroport ortalıqda qalıb. Bu məsələlər büdcədə nəzərə alınmalıdır.

Digər təklifim məni çox narahat edən bir məsələ ilə bağlıdır. Biz müharibə vəziyyətində olan ölkəyik. Bütün sa­hə­lər­də 7, 10 faiz və  daha yuxarı artım olduğu halda, ötən ilə nisbətən müdafiə sahəsinə cəmi 1,9 faiz artıq vəsait ay­rılıb. Bir Azərbaycan  vətəndaşı olaraq bu mənə az görünür. Belə hesab edirəm ki, nə qədər torpaqlarımızı geri qaytar­mamışıq, xarici təzyiqlərə baxmayaraq, hökmən ən müasir silahlarla silahlanmalıyıq, müdafiə xərclərini artırmalıyıq. Bu sahəyə xüsusi diqqət yetirilməlidir. Bu baxımdan da mən xaricdə səslənən bir sıra fikirlərə cavab vermək istəyirəm. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentində və başqa yerlərdə məsələ qaldırırlar ki, Azərbaycan neft vəsai­tini silahlanmaya sərf edir. Azərbaycan çox yaxşı edir, mü­haribə vəziyyətində olan ölkədir. Bu gün mənim problemim er­məni qəsbkarlarını bu ölkədən qovub çıxarmaqdır. Mən hara­dan gələn gəlirdən istifadə etməliyəm? Neft mənim sərvətimdir. Ona görə də biz gərək müdafiə sənayesinin inkişafına, bu sahəyə ayrılan xərclərə diqqətlə yanaşaq.

Bizim qədim tariximizə, keçmiş mənəviyyatımıza qovuş­maqdan ötrü körpülər xeyli yandırılıb. O zaman ulu öndər Heydər Əliyev buna çox böyük təkan verdi. Azərbaycan Prezi­denti hakimiyyətə gələn kimi,  kitabların kiril əlifba­sından latın qrafikasına keçirilməsi üçün göstəriş verdi və bu iş gedir. Bu işə 5 milyon manat vəsait ayrılması da mənə bir qədər az görünür.

Mənim sahəmdən bir qədər uzaq olsa da, Hesablama Palatasının sədrinin çıxışındakı bir təklif məni düşündürür. O təklifə tərəfdar olduğumu bildirmək istəyirəm. Neft gəlirlərini valyuta şəklində saxlamaqdansa, onları istehsala yatırmaq doğru olardı. Bu mənim ixtisasımdan kənar bir təklifimdir.

Biz müharibə vəziyyətində yaşayan və milyondan çox qaçqını olan ölkəyik. Dövlət başçısının yeritdiyi siyasətin müdrikliyi sayəsində belə bir şəraitdə də ölkənin inkişafı təmin olunub. Ona görə də, bu büdcə layihəsini yüksək peşəkarlıqla hazırlanan sənəd hesab edirəm.

Müzakirəyə bir qədər aidiyyəti olmasa da, qeyd etmək istəyirəm ki, mən bu günlərdə Kiyevdə Ukrayna və Azər­bay­can Respublikasının və Ukraynanın müstəqilliyinin bər­pa edilməsinin 20 illiyi ilə əlaqədar Samir müəllimin təhsil aldığı Beynəlxalq Münasibətlər Universitetində konfransda çıxış etdim. Mənim üçün çox xoş oldu ki, görkəmli mütə­xəssislər Maliyyə Nazirliyimiz və nazirimiz haqqında çox müsbət fikirlər söylədilər. Mən maliyyə sistemimizin bütün işçilərinə minnətdarlığımı bildirirəm. Həmkarlarımı deyilən təklifləri nəzərə almaqla, büdcə layihəsinə səs verməyə çağırıram. Sağ olun. 

Sədrlik edən. Çox sağ olun.  Zahid Oruc.

Z.Oruc. Təşəkkür edirəm.  Hörmətli cənab Sədr,  hör­mətli hökumət üzvləri, hörmətli  həmkarlar!  Əlbəttə, müz­a­ki­r­əsini həyata keçirdiyimiz bu büdcə layihəsi, eyni zamanda, yaşadı­ğımız ilin  büdcə gerçəkliklərini qiymətlən­dir­məyə, o si­ya­sətə dəyər verməyə imkan yaradır. Bu mənada mən özüm üçün ən azı 4 mühüm istiqamət ayırardım. Birincisi, yaşa­dı­ğı­mız bu ildə, hörmətli Yaqub müəllimin sözü ilə de­sək, çətin dünyada Azərbaycan özünün iqtisadi müs­tə­qilliyini qoruyub saxlaya bildi. Bu, mühüm nailiyyətlərdən biridir.

İkincisi,  region uğrunda, onun iqtisadi sərvətləri uğrunda mübarizə aparan dövlətlərin maraqları fonunda Azərbaycan  öz resurslarını, iqtisadi maraqlarını, xarici kursunu, dok­trinasını qoruyub saxlaya bildi.

Üçüncüsü, Azərbaycan artıq ölkə ərazisinə investisiya qoyulması ilə öyünmür, daha çox xarici ölkələrə investisiya qoyan ölkə kimi çıxış edir. Yəni Azərbaycan artıq investor ölkələr sırasındadır. Burada qeyd olundu, xarici  ölkələrdən aktivlərin alınması gələcək dönəmdə Azərbaycan büdcəsinə yeni, əlavə gəlirlər gətirəcəkdir.

Dördüncü məsələ isə müharibənin nəticələrinin aradan qaldırılması üçün bu dövrdə işlərin, demək olar, sona çatmasıdır. Yəni yalnız on illər keçəndən sonra qaçqın və köçkünlərə çadır, vaqon şəhərciklərindən nisbətən azad olmaq imkanı yaradılır.

İndi isə mən gələn ilin büdcəsindən ayrı-ayrı sahələrə yönəldilən vəsaitlər haqqında fikirlərimi sizinlə bölüşmək istə­yirəm. İlk növbədə təmsil etdiyim komitəyə uyğun olaraq müdafiə və təhlükəsizlik siyasətinə dəyər vermək istər­dim. Büdcə xərclərində 14,8 faiz çəkiyə malik olmaq o deməkdir ki, cənab Prezident  Ali baş komandan kimi gələ­cək dövrdə də hərbi sferaya önəm verir, Azərbaycanın hərbi resurslarını artırmaq, hərbi potensialını gücləndirmək istəyir. Bu çox mühüm bir məsələdir. Yetər ki, müəyyənləşmiş maliyyə vəsaitlərini hərbi gücə çevirəsən. Bundan ötrü  tələb olunan budur ki, bütün resurslar Azərbaycanın ən ucqar səngərində olan əsgərə çatsın.

Bu gün Azərbaycan ordusuna maliyyə məsrəfləri MDB məkanında ən üstün yerdədir. Yetər ki, əsgərin qidasına barmaq uzanmasın. Yetər ki, hərbi qulluqçunun üzərinə qeyri-rəsmi və qeyri-qanuni tapşırıqlar qoyulmasın. Yetər ki, bütün vəsaitlərin ünvanlı həyata keçirilməsi baş versin. Bu ilk növbədə bütün silahlı qüvvələr sektorunun təftişindən keçir. Mən bilirəm ki, Hesablama Palatası və Maliyyə Nazirliyi bu məsələni diqqətdə saxlayırlar. Bu məsələ məxfi, qapalı olduğundan parlamentdə geniş açıqlanmır, çünki bu həm də informasiya  savaşında əleyhimizə yönəldilə bilər. Amma biz çox arzulayırıq, çünki Azərbaycanın güclü hərbi hissələri ilə yanaşı, dediyimiz neqativlərə qarşı vuruşan əsgərlərimiz də var. O qarşısında bir dənə hədəfi görməlidir – erməni düşmənlərini.

Mən ikinci bölmə üzrə kənd təsərrüfatını ayırmışam, çünki komitənin iclasında da bu məsələdən xeyli bəhs olundu. Büdcə xərclərində 2,8 faiz yerə malik olmaq hələ bütün vəsaitləri özündə ifadə etmir. Məsələn, irriqasiya sistem­lərinə, sahibkarlara yardım fonduna və sairə ayrılan vəsaitlər də bura gəlir. Dünyada belə bir ölçü meyarı var ki, kənd təsərrüfatına qoyulan 1 dollar 5 dollarlıq dəyər yaradır. Bu mənada biz qeyri-neft iqtisadiyyatını qaldırmaq istəyiriksə, kənd təsərrüfatı yaxşı alternativdir. Ona görə mən çox arzulayıram ki, bu vəsait kifayət qədər artırılsın.

Hörmətli maliyyə naziri komitələrin iclasında qeyd etdi ki, qeyri-dövlət sahəsi də artıq bir az müstəqilləşib. Ancaq mühüm kredit resursları yenə də dövlətin əlindədir. Mən qeyd etmək istəyirəm ki, Yaponiya ilə Azərbaycanın torpaq ehtiyatı eynidir. 4,9 milyon hektar onlardadır, 4,7 milyon hektar bizdədir. Onların ərzaq təminatı o torpaqlardan 65 faiz təşkil edir. Beləliklə, 70 milyon əhali kənd təsərrüfatı ilə yaşayır. Azərbaycanda bu rəqəm 4,5 faizdir. Bu gün bir sıra məhsullara görə Azərbaycanın xaricdən asılılığı yenə qalmaqdadır. Məsələn, düyüdə xarici asılılığımız 90, yarmada 76, bitki yağlarında 85, çayda isə 78 faizdir.

Mənə elə gəlir, ən başlıca məsələ bundan ibarətdir ki, o vəsait Azərbaycan kəndlisinə çatmalıdır, çünki məşğul əhalinin 45-50 faizi kəndlərdə yaşayır. Mən bunu xüsusi olaraq neqativ hal kimi demirəm, Kənd Təsərrüfatı Nazirliyini Bakıdan köçürmək lazımdır. Kənd təsərrüfatı naziri Azər­baycan əyalətlərini tanımalıdır. Mən 10 ildir, Bərdəni təmsil edirəm, kənd təsərrüfatı nazirini bir dəfə də olsun Qarabağda görməmişəm. Bunu çox arzulayıram, o insanlar da bunu istəyirlər.

Düşünürəm ki, kənd təsərrüfatına yönələn vəsaiti dün­yanın qabaqcıl ölkələri səviyyəsinə çatdırmaq üçün böyük imkanlar var. Azərbaycan xalqı işləməyə, xüsusilə də aqrar sferada zəhmət qoymağa meyllidir. Məsələn, təkcə taxıl sferasında subsidiyalaşma həyata keçirilir. Digər sferalarda bahalaşma yoxdur ki? Nədən onlar stimullaşdırılmasın?

Mühüm məsələlərdən biri də “Azərenerji” ilə bağlıdır. Mən məcburam, bir texniki faktı burada söyləyim. Hörmətli maliyyə naziri Samir Şərifovla biz eyni binada yaşayırıq. Bəlkə də elə bir az simvolik məna uzlaşması var. Dünən axşam adi bir hava şəraitində 4 dəfə elektrik aşınması baş veribdir. Son 6 ildə enerji sferasına qoyulan vəsait 3 milyard dollardan yuxarıdır. Bu vəsaitlə adambaşına düşən elektrik enerjisinin istehsalı MDB məkanında ən yuxarı olmalı idi. Amma səbəb nədir ki, yeni enerji gücləri yaratmaqla – heç şübhəsiz ki, bu ilk növbədə ölkə Prezidentinin nailiyyətidir – yəni modul tipli stansiyalar və sair… Amma köhnə infrastruktur, köhnə idarəetmə hələ də qalmaqdadır. Niyə? Hələ nəzərə alın ki, 17 milyard kilovat saat enerji də vətəndaşlara satılır. Bunu 6 qəpiyə vursanız, bu 1 milyard dollardan artıq vəsait edir. Yığım 90 faizdir və bu elə 1 milyard dollara yaxındır. Bunlar da daxili investisiya kimi çıxış edirlər. Bu qədər böyük pul kütləsi sayəsində Azərbaycanın böyük imkanları var idi. O məsrəfləri düzgün istiqamətə yönəltmiş olsaydıq, bu gün elektrik enerjisini daha çox ixrac edə bilərdik. İmkan var idi ki, sayğaclaşmanı ölkənin ucqarlarına qədər əhatə edək.

Mən bayaqkı faktı ona görə söyləmədim ki, bizim işıq­larımız kimi Maliyyə Nazirliyi də “Azərenerji”yə yönələn maliy­yə kanallarını kəssin. Çünki bunun ziyanını “Bakı­elek­trik­şəbəkə” və “Azərenerji”dən daha çox vətəndaşlar görə­cək­­lər. Amma “BAYVA”-nın və “BARMEK”-in təcrübəsini nəzərə alıb bu sferanı  idarəetmədən imtina etmək də doğru deyil. Yeni sferalar açılanda rəqabət baş verəcək, müştəri ilə müqavilə bağlanacaq və hər şey normal olacaq.

Mən elm xərcləri ilə bağlı bir neçə kəlmə demək is­tə­yirəm. Elmin maliyyələşdirilməsi, ora investisiya qoyulması qayıdacaq xərclər sırasındadır. Ola bilər ki, bu 5 il, 10 il çəksin, amma bizim cəmi 10 min alimimiz var. Ola bilər ki, Cənubi Qafqazda bu rəqəm yuxarıdır. Əgər istəyiriksə ki, elm tutumlu layihələr iqtisadiyyata tətbiq olunsun, gəlir gətirsin, onda biz öz alimlərimizi maliyyələşdirməliyik. O beyinlər xaricilər tərəfindən onsuz da alınır. Bu gün dünyada müharibələr alimlərin intellektual gücləri ilə aparılır. Təkcə səngərdə dayanan əsgər vuruşmur.

Mən vaxtı nəzərə alıram, bilirəm ki, artıq 8 dəqiqə 23 sa­niyədir danışıram. Çox arzulayıram ki, büdcədə mühüm bənd­lərdən biri Qarabağın maliyyələşdirilməsi olsun. Bu həssas bir məsələdir. Mən ermənilərin maliyyələşməsindən da­nışmıram. Azərbaycan dəfələrlə Qarabağa Amerika tərə­fin­dən ayrılan yardımlara etiraz edib. Biz bir bənd açaraq Qara­bağa büdcədə müəyyən maliyyə vəsaitlərinin olduğunu gös­tərərək siyasi manevr imkanlarımızı saxlamış olarıq. Bu o demək olacaq ki, buyur, Azərbaycan Konstitusiyasını tanı, ərazi bütövlüyünə hörmətlə yanaş, onda sənin vətəndaş haq­qın tanınacaqdır. Mən çox istəyirəm ki, bu məsələ nəzərə alınsın.

Nəhayət, sonuncu dəqiqəmi təmsil etdiyim Bərdə böl­gəsinə sərf etmək istəyirəm. Həmişə deyirəm, Bərdə bu gün Qarabağın çıxış və giriş qapısıdır. Təəssüf ki, belədir, çünki işğal reallığı ortadadır. Ona görə ölkə başçısı Qarabağın möh­kəmləndirilməsi siyasətini aparır. Məşğulluq məsələsi Qara­bağda daha ciddi problemlər sırasındadır. Orada böyük zavod­ların tikintisinə çox ciddi ehtiyac var. Mən bilmirəm, Misir müəllim buradadırmı. Çox arzulayıram ki, Bakıdan köçü­rüləcək universitetlər fonunda şərti adı Qarabağ Dövlət Universiteti olacaq bir təhsil müəssisəsi yaradılsın. Gəncədə, Sumqayıtda, Bakıda, Naxçıvanda var, çox yaxşı olardı ki, biri də Qarabağda olsun. Bu, elmi potensial, xarici əlaqələr və sair demək olacaqdır. Heç şübhəsiz ki, oradakı tarixi abidələrin qorunması da diqqət mərkəzində olmalıdır. Mə­də­niy­yət və turizm naziri hörmətli Əbülfəz müəllim 2 dəfə Bər­dədə olubdur. Çox dəyər verirəm, xeyli uğurlu səfərlər idi. Çox arzulayıram ki, bu proqramlar 2012-ci ildə gerçək­ləşdirilsin. Mən bu sənədə səs verəcəyəm. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov.

V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Birinci növbədə, xüsusi qeyd etmək lazımdır ki, büdcə sisteminin təkmilləşdirilməsi və onun müasir beynəlxalq standartlara uyğunlaş­dırılması sahəsində son illərdə böyük işlər görül­müş­dür. Bu faktı ancaq özümüz yox, həm də mötəbər beynəlxalq qurumlar da qəbul və təsdiq edir.

Bu sırada ən yüksək beynəlxalq standartlara cavab verən və büdcənin formalaşmasında, idarə olunmasında xüsusi yeri olan “Büdcə sistemi haqqında” Qanuna xüsusi diqqət yetir­mək lazımdır. Əlbəttə ki, zaman keçdikcə – ölkəmizin inki­şaf sürəti, maliyyə imkanları, beynəlxalq iqtisadi əlaqələri genişləndikcə, artdıqca bu qanunun təkmilləşdiril­məsinə ehtiyac var idi. Son illərdə etdiyimiz əlavə və dəyişikliklər “Büdcə sistemi haqqında” Qanunun müasir dövrün tələb­lərinə uyğun şəkildə təkmilləşdirilməsini təmin etdi.

Eyni zamanda, faktiki olaraq dövlət büdcəsinin icrasının dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsi, dövlət büd­­cəsin­dən maliyyələşən qurumların maliyyə əməliy­yat­larının beynəlxalq mühasibat uçotunun qaydalarına, standar­t­larına uyğun aparılması, büdcəyə əlavə gəlirlərin cəlb edilməsi, büdcə xərclərinin, sərbəst vəsait qalığının daha şəffaf idarə olunması və sair təmin edilmişdir.

Bunlarla yanaşı, dövlət büdcəsinin strukturunda da əsaslı dəyişikliklər edilmişdir. Büdcə kəsirinin maliyyələşdiril­məsində inflyasiya yaradan və onun meyillərinə təkan verə bilən mənbələrdən imtina edilmişdir. 

Çox vacib məqamı da xatırladım. Büdcə xərcləri konkret proq­ramlar, tədbirlər, layihələr əsasında proqnozlaşdırılır, plan­laşdırılır. Bu da dövlət büdcəsi hesabına həyata keçirilən proq­ramların, tədbirlərin, layihələrin yerinə yetirilməsinə nəzarətin gücləndirilməsini, daha ciddi və səmərəli şəkildə qurul­masını təmin etmişdir. Beləliklə, Azərbaycan Respubli­kasında dövlət büdcəsinin formalaşmasını, planlaşdırıl­ma­sı­nı, idarə olunmasını, icrasına nəzarət edilməsini təmin edən, müasir beynəlxalq standartlara, qaydalara cavab verən qa­nun­vericilik, normativ hüquqi baza yaradılmışdır və fikrim­cə, uğurla həyata keçirilir. 

2012-ci ilin dövlət büdcəsini bu nöqteyi-nəzərdən təhlil etsək, görərik ki, ölkəmizin bu ali maliyyə sənədi qüvvədə olan qanunvericiliyə, normativ hüquqi aktların tələblərinə uyğun şəkildə hazırlanmışdır və təqdim edilmişdir. Mənim fikrimcə, bu sənədə başqa nöqteyi-nəzərdən yanaşmaq düz­gün olmazdı.

Mən bu büdcə layihəsini ölkəmizin dayanıqlı və davamlı inkişafını, sosial  sahədə əldə etdiyimiz uğurların qorunub saxlanmasını və daha da genişlənməsini, ölkənin regional və beynəlxalq səviyyədə maraqlarını, onun gələcək inkişafının təməli olan istehsal və sosial infrastrukturun geniş şəkildə və yüksək sürətlə inkişafını təmin edən bir sənəd kimi qəbul edirəm və dəstəkləyirəm. Əminəm ki, siz də qəbul edirsiniz. Bu büdcə layihəsinin lehinə səs verəcəyəm və əminəm ki, deputat həmkarlarımın əksəriyyəti də bu sənədi dəstəkləyib lehinə səs verəcəklər.

Bununla yanaşı, bir təklifi də səsləndirmək istərdim. Təklifin müəllifi mən deyiləm. Dediyim məsələlər möhkəm, səmərəli büdcə sistemi olan ölkələrdə artıq uğurla tətbiq edilir və bunun nəticələri göz qabağındadır. Əminəm ki, deputatlarımızın, hökumət nümayəndələrinin əksəriyyətinin bu məsələlərdən xəbəri var və yeni bir şey deməyəcəyəm. Ancaq bunları səsləndirməyi özümə borc bilirəm. Bundan öncə mən büdcə sistemini tənzimləyən mövcud qanun­vericiliyin, normativ hüquqi aktların təkmilləşdirilməsini, bey­nəl­xalq standart və qaydalar səviyyəsində olmasını müs­bət hal kimi qeyd edəndə, həm də yaradılan və tətbiq edilən uğurlu mexanizmlər sırasında dövlət büdcəsi hesabına real­laşan proqramların, tədbirlərin, layihələrin həyata keçiril­məsinə ciddi nəzarətin təmin edilməsini də göstərdim. Səmərəli işləyən bir mexanizm yaradılıbdır, bu çox böyük bir uğurdur.

Ancaq inkişafımızın yeni mərhələsində bütün sahələrdə, yəqin ki, yeni meyarların, dəyərləndirilmə mexanizmlərinin tətbiqinə də ehtiyac var. Qısa və cəm şəklində desək, əsas meyar nəticə olmalıdır. Elə bir sahə yoxdur ki, o sahədə görülən işlərin, həyata keçirilən proqramların, tədbirlərin, layihələrin nəticələrini konkret göstəricilərlə dəyərləndirmək müm­kün olmasın. Kənd təsərrüfatı, inşaat, rabitə, maşın­qayır­ma, təhsil, səhiyyə, elm – hər bir sahədə beynəlxalq təc­rü­bə göstərir ki, büdcə vəsaitlərinin səmərəli istifadəsini qiymətləndirmək üçün dəqiq, obyektiv göstəricilər müəyyən etmək olar. Heydər müəllim öz çıxışında göstəricilərdən da­nışdı. Misal üçün, kənd təsərrüfatında məhsuldarlığın artımı. Kənd təsərrüfatına, əlbəttə ki, büdcə vəsaitlərinin artırılması lazımdır. Ancaq nəticə nə olacaqdır? Biz nəticəni xüsusi sənəd­lərdə öz əksini tapmış konkret göstəricilərlə ölç­məl­i­yik, dəyərləndirməliyik. Məhz nəticəyə görə qiymət veril­məli, işlər və büdcə xərcləri planlaşdırılmalıdır.

Təhsil sahəsində də göstəriciləri müəyyən etmək müm­kündür. Primitiv, ibtidai şəkildə deyim. Misal üçün, ildən-ilə 600-dən artıq bal yığan şagirdlərin sayı artır, yoxsa yox. Beynəlxalq olimpiadalarda qalib gələn şagirdlərimizin sayı artır, yoxsa yox. Səhiyyə sahəsində həyat müddəti artır, yoxsa yox. Anadan olan bir yaşına qədər ölən uşaqların sayı artır, yoxsa yox. Qadınların və sair. Min dənə göstərici var. Bun­lar artıq beynəlxalq praktikada tətbiq olunur və obyektiv şəkildə ölçülə bilir. Bu çox önəmlidir. Eyni ilə elmdə də patentlər, çap olunmuş monoqrafiyalar, xaricdə çap olunmuş məqalələr və sair. Bunların hamısı ölçülə bilər. Mənim fikrim­cə, bu haqda çox ciddi fikirləşməliyik. İmkanlarımız, xərclərimiz artdıqca bunlardan nə qədər səmərəli istifadə olunduğunu diqqətlə izləməliyik.

Sovetlər vaxtından qalmış əmanətlərin məsələsinə də toxunmaq istəyirəm. Mexanizmlər işlənəcək, qanun qəbul ediləcək. Amma yaxşı olardı ki, müvafiq qurumlar başqa postsovet ölkələrində o pulların qaytarılmasına aid bəzi məlumatları çap eləsinlər. Çünki bəzilərində belə bir təsəv­vür var ki, 15 min manatım var idi, onu da qaytaracaqlar. De­yirlər ki, Ukraynada, Qazaxıstanda qaytarıblar. Yaxşı olardı, çap edək ki, Qazaxıstanda hər 10 min rubla nə qədər tengə, Ukraynada nə qədər qrivna qaytarıblar. Çünki bəzi gözləntilər sonra problem yarada bilər. Çox önəmli məsələ olduğuna görə mən buna xüsusi diqqət yetirilməsini istərdim.

Bir də, bəzi konkret məsələlərə toxunmaq istərdim. Bizim re­gionda, Şəmkir çayının üzərində tikilən dəryaça Azər­baycan ta­rixində bəlkə də tayı-bərbəri olmayan bir layihədir. 170 mil­yon kubmetr həcmində su anbarı, 170 metr hün­dürlü­yündə bənd qurulacaq, yanında bir elektrostansiya tikiləcək. Yeraltı tu­nellə Şəmkir və Gəncə tərəfə paylanan hər iki kanalın çı­xı­şın­da yenə də iki dənə kiçik elektrik stansiyası tikiləcəkdir. Nə­ti­cədə Şəmkir, Gəncə, Samux şəhərləri su ilə təmin olunacaq, 100 min hektara yaxın torpaq sahəsi əkin üçün yararlı hala salınacaqdır. Ancaq bununla paralel olaraq, o paylayıcı kanalların maliyyələşdirilməsinin hansı səviyyədə olması və paylaşdırıcı kanallarla bərabər bu layihənin nə zaman bitəcəyi ilə bağlı suallara cavab almaq istərdim. Bir də, Qax–Samux–Gəncə avtomobil yolunun tikintisi ilə əlaqədar məlumat verilməsini istərdim. Acınohur çölündən başlayaraq Eldar, Ceyrançöl, Kür çayının sol sahilində olan bomboş torpaqlarda saatlarla gedə bilərsiniz, amma bir kənd görməzsiniz. Acınohur çölündə bir kənd görübsünüzmü? Eldar zonasında cəmi 8 kənd qalıbdır. Ceyrançöldə Özbəkistandan köçmüş türklərin bir kəndi var. O sahələr, o torpaqlar boş qala bilməz, inkişaf et­di­ril­məli­dir. O inkişafın təməli də yol ilə başlayır.

Bir də, Qarasaqqal su kanalının bərpası ilə əlaqədar məlumat verməyinizi  xahiş edirəm. Əminəm ki, hamımız bu büdcə layihəsini dəstəkləyəcəyik, səs verəcəyik. Çox mükəmməl və Azərbaycanın təkcə gələn ilə yox, bir neçə illik inkişafını təmin edə biləcək bir sənəddir. Ona görə də mən bunu dəstəkləyəcəyəm və səs verəcəyəm. Əminəm ki, siz də səs verəcəksiniz. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun, Valeh müəllim. Müzakirəni sabahkı iclasda davam etdirəcəyik. Sağ olun.

 

 

EDİLMƏMİŞ

ÇIXIŞIN MƏTNİ

 

22 noyabr 2011-ci il

 

Sahibə Qafarova. Məndən öncə çıxış edən həm­karlarımın qeyd etdiyi kimi, Azərbaycan dövlətinin iqtisadi im­kanları artdıqca bütün sahələrdə, o cümlədən sosial sf­e­ra­da daha mütərəqqi, vətəndaşlarımızın həyatına birbaşa və yü­ksək səviyyədə təsir edən tədbirlərin həyata keçirilməsinə şə­rait yaranır. Dövlətin inkişafı ilk növbədə, vətəndaşların so­sial rifahının yüksəlməsi ilə müşayiət olunur. İqtisadi si­ya­sə­tin inamla həyata keçirilməsi sayəsində Azərbaycanda da­vam­lı olaraq əməkhaqqı və pensiyalar artırılır. Prezident İl­ham Əliyevin müvafiq sərəncamları ilə əmək pen­si­ya­çı­la­rının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər hə­yata keçirilib və bu, öz mühüm nəticələrini göstərib.

Ümumiyyətlə, sosial tərəqqinin təmin edilməsi Prezident İl­ham Əliyevin fəaliyyətində başlıca məsələlərdən birini təş­kil edir  və ötən bir il ərzində dövlətin kapital resurslarının bö­­yük bir hissəsinin bu sahəyə yönəldilməsi bu strategiyanın uğur­larını şərtləndirmiş olur. Ötən dövrdə dövlətin gəlirləri ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yük­səl­mə­­sinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yö­nə­lib.

Respublikamızda yüz minlərcə insanı əhatə edən sosial tərəq­qi və əməkhaqlarının artırılması ilə bağlı dövlət siyasəti hö­kumətin vətəndaşlara olan yüksək diqqət və qayğısının nə­ticəsidir. Çox sevindirici haldır ki, bu qayğı ildən-ilə daha da güclənir və daha səmərəli nəticələr verir. Bu mənada 2012-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan və­saitlərin artırılması mütərəqqi və cəmiyyətimizin inkişafına xidmət edən bir addımdır.

Gələn ilin dövlət büdcəsində əksini tapan rəqəmlər bir daha onu deməyə əsas verir ki, ölkəmizin sosial-iqtisadi in­kişafı artıq dönməz xarakter alıb və bu, yalnız neft amilin­dən asılı deyil. Təsadüfi deyil ki, nəhəng neft-qaz layi­hələrinin həyata keçirilməsi ilə yanaşı, indi daha çox qeyri-neft sektorunun, özəl bölmənin və sahibkarlığın inkişafı dövlətimizin  diqqət mərkəzindədir. Qeyri-neft sektorunun davamlı inkişafı, yerlərdə enerji, su və qaz problemlərinin aradan qaldırılması, regionlarımızın sürətli tərəqqisi, müasir infrastrukturun formalaşdırılması, yeni iş yerlərinin açılması, elm, təhsil, səhiyyə, rabitə, nəqliyyat, idman və digər sahə­lərin yüksəlməsinə göstərilən dövlət qayğısı nəticədə insan­ların daha yaxşı yaşamasına, onları narahat edən problem­lərin həllinə gətirib çıxarıb.

Mən xüsusi olaraq ölkəmizdə təhsil sisteminin inkişafı, bu sahədə müvafiq maddi-texniki bazanın gücləndirilməsi, yeni orta təhsil məktəblərinin, uşaq bağçalarının tikilməsi və əsaslı təmir olunması istiqamətində atılan addımların da­vam­­lı­lığının təmin olunmasını və büdcədən bu sahəyə ay­rı­lan vəsaitlərin ildən-ilə artırılmasını yüksək qiy­mət­lən­di­rirəm.

Qeyd etmək istəyirəm ki, millət vəkili seçildiyim Şəmkir rayonunda da bu istiqamətdə ciddi işlər görülməkdədir. Amma buna baxmayaraq, bağçaların ümumi vəziyyəti ilə bağlı bəzən narazılıqlar da olur. Seçicilərim bununla bağlı mənə müraciət ediblər. Müvafiq orqanların bu məsələləri araşdırmasını və zəruri tədbirlərin görülməsini xahiş edirəm.

Bir daha gələn ilin dövlət büdcəsini yüksək qiymət­lən­dirirəm və hesab edirəm ki, bu sənədin uğurla icra olunması ölkəmizin   daha sürətlə inkişafını təmin edəcəkdir.

 

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi