2011-ci il 30 dekabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ

AZƏRBAYCAN RESPUBLİKASI

MİLLİ MƏCLİSİNİN

IV SESSİYASI İCLASININ

 

PROTOKOLU № 31

 

Milli  Məclisin  iclas  salonu.

30  dekabr  2011-ci  il.

 

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri

 O. Əsədov  sədrlik  etmişdir.

 

İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

 

Qeydiyyat  (saat 12.03 dəq.)

İştirak edir  108

Yetərsay  83

 

İclasa dəvət olunmuşlar:

 

Əli Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Na­zir­liyi Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin Qey­diy­yat və şəxsiyyət şöbəsinin rəisi.

Elçin Məmmədov, Azərbaycan Respublikası Daxili İşlər Nazir­liyi Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin əmək­daşı.

 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

 

1. Sosial xidmət haqqında Azərbaycan Respublikası qa­nun­unun layihəsi barədə (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının İsveçrə Konfederasi­yasın­da (Bern şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azər­baycan Respublikası qanununun layihəsi barədə.

3. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hö­ku­­məti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haq­qında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

4. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Res­publi­kası Hökuməti arasında sərmayələrin qarşılıqlı qorun­ması və təşviqi haqqında Sazişin təsdiq edilməsi barədə Azər­baycan Respublikası qanununun layihəsi haqqında.

5. Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Res­publikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Res­publikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq­qında.

7. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respubli­kası Hökuməti arasında diplomatik nümayən­dəlik­lərinin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsi­qəsi haqqında Azərbaycan Respublikasının Qanununda də­yişik­liklər edilməsi barədə Azərbaycan Respublikası qa­nu­nunun layihəsi haqqında.

9. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsi­qəsi nümunəsinin təsdiq edilməsi haqqında Azərbaycan Res­publikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununda də­yi­şiklik­lər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

12. “Dövlət rüsumu haqqındaAzərbaycan Respubli­ka­sının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res­publikası qanununun layihəsi haqqında.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də­yişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

14. “Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqındaAzərbaycan Res­publikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə.

15. Dünya azərbaycanlılarının həmrəyliyi günü mü­nasi­bəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Mü­raciə­tinin təsdiq edilməsi haqqında.

16. Azərbaycan Respublikası Milli Məclisinin Fransa Se­natına Müraciətinin təsdiq edilməsi haqqında.

 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

 

Gündəlik haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Fazil Mustafa, Fərəc Quliyev, Etibar Hüseynov, Mübariz Qurbanlı, Hikmət Atayev, Fəzail Ağamalı, Musa Qasımlı, Zahid Oruc, İqbal Ağazadə, Nazim Fərəcov, Bahar Muradova

 

Təklif: Gündəlik qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.04 dəq.)

Lehinə  108

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  108

Nəticə: Qəbul edildi

 

1. Sosial xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

 

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Ziyafət Əsgərov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.48 dəq.)

Lehinə  96

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  97

Nəticə: Qəbul edildi

 

2. Azərbaycan Respublikasının İsveçrə Kon­federasi­ya­sında (Bern şəhərində) Səfirliyinin təsis edil­məsi haq­qın­da Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Sevinc Fətəliyeva, Qə­­ni­rə Paşayeva, Sabir Rüstəmxanlı

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.56 dəq.)

Lehinə  104

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  105

Nəticə: Qəbul edildi

 

3. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında məxfi məlumatın qarşılıqlı mü­ha­fizəsi haqqında Sazişin təsdiq edilməsi barədə Azər­baycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Sevinc Fətəliyeva

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 12.58 dəq.)

Lehinə  99

Əleyhinə  1

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  100

Nəticə: Qəbul edildi

 

4. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Res­pub­li­kası Hökuməti arasında sərmayələrin qarşılıqlı qo­run­ması və təşviqi haqqında Sazişin təsdiq edilməsi ba­rə­də Azərbaycan Respublikası qanununun layihəsi haqqın­da.

 

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Qüd­rət Həsənquliyev, Sabir Rüstəmxanlı, Gövhər Baxşəli­yeva, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.12 dəq.)

Lehinə  105

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  105

Nəticə: Qəbul edildi

 

5. Azərbaycan Respublikası Prezidentinin və Qazaxıs­tan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qa­nununun layihəsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Sevinc Fətəliyeva, Fərəc Quliyev

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.17 dəq.)

Lehinə  106

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  107

Nəticə: Qəbul edildi

 

6. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq­qında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.18 dəq.)

Lehinə  104

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  104

Nəticə: Qəbul edildi

 

7. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Res­publikası Hökuməti arasında diplomatik nü­ma­yən­dəliklərinin binalarının tikintisi üçün torpaq sahələrinin qarşılıqlı olaraq ayrılması haqqında Sazişin təsdiq edil­məsi barədə Azərbaycan Respublikası qanununun layi­həsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Sevinc Fətəliyeva

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.19 dəq.)

Lehinə  104

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  105

Nəticə: Qəbul edildi

 

8. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət və­­siqəsi haqqında Azərbaycan Respublikasının Qa­nu­nun­da dəyişikliklər edilməsi barədə Azərbaycan Res­publi­kası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.33 dəq.)

Lehinə  100

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  100

Nəticə: Qəbul edildi

 

9. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsi­qəsi nümunəsinin təsdiq edilməsi haqqında Azər­baycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri   saat 13.33 dəq.)

Lehinə  101

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  101

Nəticə: Qəbul edildi

 

10. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət re­yes­tri haqqında Azərbaycan Respublikasının Qanunun­da dəyişikliklər edilməsi barədə Azərbaycan Respubli­ka­sı qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.35 dəq.)

Lehinə  97

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  98

Nəticə: Qəbul edildi

 

11. Azərbaycan Respublikası Milli Məclisinin Fransa Senatına Müraciətinin təsdiq edilməsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Sahibə Qafarova, Mübariz Qurbanlı

 

Təklif: Qərar qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.42 dəq.)

Lehinə  111

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  111

Nəticə: Qəbul edildi

 

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə­cəl­ləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Res­publikası qanununun layihəsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.44 dəq.)

Lehinə  100

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  100

Nəticə: Qəbul edildi

 

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respubli­kası qanununun layihəsi barədə.

 

Çıxış etmişdir: Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.44 dəq.)

Lehinə  99

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  99

Nəticə: Qəbul edildi

 

14. Dövlət rüsumu haqqında Azərbaycan Respubli­ka­sının Qanununda dəyişiklik edilməsi barədə Azər­bay­can Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.45 dəq.)

Lehinə  106

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  106

Nəticə: Qəbul edildi

 

15. Azərbaycan Respublikası Hesablama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Heydər Əsədov

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri   (saat 13.47 dəq.)

Lehinə  107

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  108

Nəticə: Qəbul edildi

 

16. Dünya azərbaycanlılarının həmrəyliyi günü mü­nasi­bəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Mübariz Qurbanlı

 

Təklif: Qanun qəbul edilsin

Səsvermənin nəticələri  (saat 13.54 dəq.)

Lehinə  114

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  114

Nəticə: Qəbul edildi

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri          

O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

 

30  dekabr  2011-ci  il.  Saat  12.

 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri

O. Əsədov  sədrlik  edir

 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hör­mət­li media nümayəndələri! Xahiş edirəm, yerlərinizə əy­ləşə­siniz. Hörmətli millət vəkilləri, qarşıdan gözəl bayramlar gəlir. Mən Dünya azərbaycanlılarının həmrəyliyi günü və Ye­ni il münasibətilə sizi təbrik edir, hamınıza can sağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram!

Hörmətli millət vəkilləri, bu bayramlar münasibətilə Milli Məc­lis Azərbaycan Respublikasının Prezidenti möhtərəm İl­ham Əliyevə təbrik məktubu hazırlayıb. Əgər icazə verər­si­niz­sə, biz bu təbrik məktubu ilə cənab Prezidenti təbrik edər, ona Azərbaycanın gələcək inkişafı naminə bu çətin, şərəfli, ağır işində müvəffəqiyyətlər arzulayardıq. (Alqışlar.) Sizin alqışlarınızı biz razılıq kimi qəbul elədik. Çox sağ olun.

İndi xahiş edirəm, qeydiyyatdan keçək.

 

Qeydiyyat  (saat 12.03 dəq.)

İştirak edir  108

Yetərsay  83

 

Yetərsay var. İclasa başlaya bilərik. Gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.04 dəq.)

 

Lehinə  108

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  108

Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirələrə ehtiyac var?

 

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Buyurun, yazılın. Fazil Mustafa.

F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Həmrəylik günü münasibətilə bütün xalqımızı təbrik edirəm. Hesab edirəm ki, 2012-ci il Azərbaycanın qarşısında çox ciddi məsələlər qoyur və dünyada baş verən proseslər də onu diktə edir ki, ölkəmizdə artıq gələcəklə bağlı daha ciddi proqramların, planların həyata keçirilməsi vacibdir.

Mən son vaxtlar verilən əfv fərmanlarına çox müsbət mü­nasibət bəsləyirəm. Vaxtaşırı bu cür fərmanların verilməsi ölkədə məhbusların, xüsusilə də məhkəmə qərarları ilə müəy­yən problemlər yaşayan insanların azadlığa çıxmasında əhəmiyyətli rol oynayır. Amma hesab edirəm ki, bu da 2012-ci ilə gedən yolda qaneedici bir addım kimi qiy­mətləndirilə bilməz. Yaxşı olardı ki, biz bütün problemli məhbusların həbsdən azad olunmasına nail olaq. Problemli deyəndə mən burada dartışma açmaq istəmirəm. Biri deyəcək, bizdə siyasi məhbus yoxdur, vicdan məhbusu yoxdur, o biri deyəcək, var. Mən bu mübahisələrə girmirəm. Am­ma yaxşı olardı ki, haqqında insan haqları təşkilatlarının Azərbaycana irad bildirdiyi bir sıra məhbuslar 2012-ci ildə həbsdən azad olunaydı. Artıq biz beynəlxalq arenada Azər­baycana yönələn bu cür iradları ortadan qaldırar, ən azı daha başqa problemlər üzərində çalışardıq.

Dağlıq Qarabağ kimi bir problemi olan ölkə rəvac ver­mə­məlidir ki, öz içərisində hər hansı bir şəkildə bu qədər siyahı olsun, müxtəlif qeyri-hökumət təşkilatları bununla spekul­yasiya eləsin, bunu müxtəlif variantlarda təqdim edib bil­dir­sinlər ki, ölkədə insan haqlarının pozulması faktdır. Bunun qarşısını almaq üçün, məncə, bu istiqamətdə ciddi addımlar atılmasına ehtiyac var. Əfv fərmanı veriləndə, hesab edirəm ki, əfv komissiyası bunları nəzərə alaraq siyahını cənab Prezidentə təqdim eləsəydi, daha yaxşı və yerində olardı.

Azərbaycanda siyasi partiyalarla bağlı məsələni mən bu ilin sonunda yenidən gündəmə gətirmək istəyirəm. Çünki biz­də belə bir ümid var idi ki, 2011-ci ilin sonuna qədər parti­yalarla bağlı qanun qəbul olunacaq. Düzdür, çox böyük iş­lər görülüb, Venesiya komissiyasına verilib, addımlar atı­lıb. Am­ma bu elə bir məsələdir ki, onu çox yubatmaq olmaz. Öl­kədə siyasi həyatın canlanması üçün siyasi parti­yaların rolunun artırılmasına böyük ehtiyac var. Məncə, Oqtay müəllim, yaz sessiyasında Sizin də köməyinizlə bu məsələni həll elə­mək lazımdır ki, artıq siyasi partiyalar Azərbaycan həyatın­da real gücə çevrilə bilsinlər. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.

F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən ha­mı­nızı, həmçinin xalqımızı bayram münasibətilə təbrik edirəm. Çox qısa olaraq bildirmək istəyirəm ki, aprel ayında Azər­baycanda “Avronest” Parlament Assambleyasının plenar ic­lası keçiriləcəkdir. Yaxşı olar ki, biz o vaxtadək Milli Məc­lisin bir komissiyasını yaradaq və orada ATƏT-in Minsk qrupunun Qarabağla bağlı vasitəçilik missiyasını təftiş eləyə və məxsusən Fransanın orada qalıb-qalmamasını müəy­yənləş­dirə biləcək alternativ qurumun yaradılması ilə bağlı işlər görək, müvafiq sənədləri hazırlayaq. Məncə, bu çox vacib bir işdir və zamanımız da azdır. Bu tətil zamanında mü­vafiq strukturlar bu məsələ ilə məşğul olsa, uyğun komissiya yaratsa, pis olmaz. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Fərəc müəllim, “Avronest” Parlament Assambleyasında Milli Məclisin 10 nəfər üzvü var, deputatlardır. Bunlara nəzarət eləmək üçün komissiyamı yaradacağıq? Etibar Hüseynov.

E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də de­­­­pu­tat həmkarlarımızı qarşıdan gələn Yeni il və Dünya azər­­­baycanlılarının həmrəyliyi günü münasibətilə təbrik etmək istəyirəm. Dövlətimizin, millətimizin və Milli Məc­lisimizin milli sərvəti sayılan “İstiqlal” ordenli deputatımız Zey­nəb xanımın bu yaxınlarda 75 illik yubileyi olubdur. Mən istərdim ki, hamınızın adından Zeynəb xanımı da təbrik elə­yək. Özü burada olmasa da, ürəyi buradadır. Hamınızın adından ona uzun ömür, can sağlığı arzulayaq. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlının sualı var.

M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Biz ötən iclaslarda Fransa parlamentində qəbul olunmuş mə­lum qərar ilə əlaqədar müzakirələr açdıq. Bu gün biz gö­rü­rük ki, Fransada bu proses dayanmayıb. Senatda da bu mə­sə­lənin müzakirəsi zamanı yenə oxşar qərar qəbul oluna bilər. Azər­baycan parlamenti 1998-ci və 2001-ci illərdə bununla əla­qədar müvafiq müraciətlər qəbul edibdir. Hörmətli Sədr, mən hesab edirəm ki, bu məsələni biz davam etdirməliyik. Bu­nunla bağlı müvafiq addımlar atmaq zamanı gəlib çatıbdır.

Sədrlik edən. Sağ olun, Mübariz müəllim. Biz elə bu məsələyə qayıtmalı idik. Çünki yadınızdadırsa, keçən dəfə millət vəkilləri təklif elədilər ki, bəyanat qəbul eləyək. Mən dedim ki, bəyanat qəbul eləmək hələ tezdir, çünki bu məsələ Senata çıxmayıb, biz Senatla işləməliyik. Milli Məclis Se­natla iş aparır. Mən tam səmimi deyirəm, Senatda Türkiyəni dəstəkləyən, Azərbaycanı dəstəkləyən deputatlar var. Bun­larla iş görülür.

Biz hesab edirik ki, Senata müraciət qəbul eləməliyik. An­caq bu azdır. Bizdə bir çox beynəlxalq təşkilatlar yaranıb. Misal üçün, Türkdilli Ölkələrin Parlament Assambleyası var, başqa təşkilatlar var. Onlar da bu məsələdə iştirak elə­məli­dirlər. Düzdür, TürkPA-da sədrlik bu saat bizdə deyil, Qazaxıstandadır. Mən də Qazaxıstana müraciət edəcəyəm, – bizim katib azərbaycanlıdır, – türklər də müraciət eləsinlər. Həmin təşkilatlar bizə hansı gündə lazımdırlar?

Hərdən qəzetlərdə yazılar gedir ki, Azərbaycan Türkiyəni dəstəkləmir. Çox savadsız, yersiz yazılardır. Çünki Azər­bay­can bütün türkdilli ölkələr arasında yeganə dövlətdir ki, ilk gündən həm Xarici İşlər Nazirliyi, həm Milli Məclisin de­putat­ları, həm də Prezident Administrasiyasının şöbə müdiri öz mövqeyini bildirib. Hətta dekabrın 24-də Rəcəb Tayyib Ərdoğan cənab Prezidenti təbrik eləyəndə cənab Prezident tərəfindən də deyildi ki, Azərbaycan həmişə Türkiyəni dəs­təkləyib və dəstəkləyəcəkdir. Azərbaycan bundan artıq nə eləməlidir ki? Azərbaycan həmişə Türkiyəni, Türkiyə də Azər­baycanı dəstəkləyib.

Mən hesab edirəm ki, biz indi 2001-ci ildə olduğu kimi, Senata müraciətin hazırlanması üçün bir komissiya yarat­ma­lıyıq. Azərbaycan parlamentinin ümumi fikrini konkret fakt­larla ifadə edən sanballı, savadlı bir müraciət qəbul eləyək. Bundan başqa, hər bir millət vəkili bütün parlamentlərdə olan dostlarına, yaxınlarına, beynəlxalq təşkilatlara, ayrı-ayrı deputatlara müraciət edə bilər. Bu məsələnin məğzini onlara başa salmaq lazımdır. Mən sizi əmin edirəm, Fransada 350 min erməni yaşasa da, qol çəkən deputatların bir çoxu Er­mənis­tanın harada yerləşdiyini xəritədə göstərə bilməz.

Məsələni Mübariz müəllim qaldırdı. Mübariz müəllim, elə Sizin rəhbərliyinizlə bir komissiya yaradaq. Komis­si­ya­nın tərkibinə kimlər təklif olunur?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Rövşən müəllim, hüquqşünaslardan Əli Hüseynli, Çingiz Qənizadə. Azərbaycan–Fransa parlament­lər­arası əlaqələr üzrə işçi qrupundan kim?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Sahibə Qafarova, Vahid Əhmədov. Bəs eləyər bir belə?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Altından Milli Məclisin bütün üzvlərinin imzası gedəcək. Etiraz yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda xahiş edirəm, iclasın axırına kimi hazır olsun. Bizim köhnə müraciətlərimiz də var. Bu möv­zu­nu hamımız yaxşı bilirik. İndi gedin, müraciəti hazırlayın. Bu­yursun Hikmət Atayev.

H.Atayev. Çox sağ olun, Oqtay müəllim. Mən də fürsət­dən istifadə edərək bütün Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm.

Oqtay müəllim, mən Milli Məclisin 2011-ci il 22 noyabr tarixli iclasında çıxışım zamanı qeyd etmişdim ki, təmsil etdiyim çoxmillətli Zaqatala rayonu və onun kimi digər rayonlar üçün spesifik olan problem ondan ibarətdir ki, azsaylı xalqların kompakt yaşadığı kəndlərdə uşaqların bir çoxu 1-ci sinfə gedərkən Azərbaycan dilini kifayət qədər bilmir. Nə­zərə alsaq ki, orta məktəbin 1-ci sinif proqramı Azərbaycan dilini bilənlər üçün hesablanıb, aydın olur ki, uşaqların əksəriy­yəti məktəb proqramını lazımi səviyyədə mənimsəyə bilmir. Ən yaxşı halda uşaqların bir çoxu məktəbi bitirdikdə onların Azərbaycan dili biliyi məişət tələbatlarını ödəmək səviy­yəsində olur. Nəticədə, məktəbi bitirdikdən sonra onlar Azər­baycan cəmiyyətinə inteqrasiya etməkdə çətinlik çəkir, öz kəndlərində qalır, ailə qururlar. Ailənin hər iki üzvü Azərbaycan dilini kifayət qədər bilmədiyinə görə eyni pro­­ses nəsildən-nəslə təkrar olunur. Nəticədə, belə kəndlərdə yaşayan Azərbaycan vətəndaşları özlərindən asılı olmayan səbəb­lərdən azərbaycançılıq məfkurəsindən kənarda qalmış olurlar. Bu qüsurlu dövretməni qırmaq məqsədi ilə mən azsaylı xalqların kompakt yaşadığı kəndlərdə Azərbaycan dilini tədris edən lazımi mütəxəssislərlə komplektləşdirilmiş uşaq bağçalarının açılmasını təklif etmişdim.

Həmin gün Milli Məclisin işini işıqlandıran Modern.az saytın­da “Deputat Hikmət Atayev dedi ki, Zaqatalada azər­baycançılıq yoxdur” başlığı ilə yazı dərc olunmuşdur. Hə­min yazıda qeyd edilmişdir ki, guya mən demişəm, Zaqatala məktəblərində Azərbaycan dili keçilmir. Bu yazı rayonda çox ciddi narahatçılığa səbəb olmuşdur. Narahatçılığın da əsas səbəbi bu yazının məhz Modern.az saytında çıxması olmuş­dur. Odur ki, mən deputatların Milli Məclisdə çıxış­larını şərh edən jurnalistlərdən yazılarının mətninə bir qədər diqqətli və məsuliyyətli yanaşmağı xahiş edərdim.

Zaqatala və zaqatalalılar haqqında kifayət qədər məlumatı ol­mayan insanlara bildirmək istəyərdim ki, Zaqatalada azər­bay­cançılıq ən yüksək səviyyədədir. Bunu zaqatalalılar Azər­­bay­canın ərazi bütövlüyü uğrunda gedən savaşlarda nümayiş etdirmişlər. Məlumat üçün deyim ki, Zaqataladan 195 nəfər şəhid olmuşdur və iki nəfər Milli qəhrəman var. Sizi əmin etmək istəyirəm ki, Ali baş komandanımızın əmri olsa, zaqatalalılar bir nəfər kimi Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda son damla qanına qədər vuruşmağa hazırdırlar. Bundan artıq azərbaycançılıq ola bilməz.

Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.

F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hör­mətli millət vəkilləri, hörmətli media təmsilçiləri! Mən sizin hər birinizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və qarşı­dan gələn Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza, Azərbaycan xalqına möhkəm can sağ­lığı, səadət və xoş günlər arzu edirəm. Arzu edirəm ki, 2012-ci il xalqımızın tarixinə ən uğurlu illərdən biri kimi daxil olsun.

Mən qeyd etmək istərdim ki, 2011-ci ildə Azərbaycan döv­ləti müəyyən etmiş olduğu hədəflərə doğru inamlı yü­­şünü davam etdirmişdir. İstər xarici siyasətdə, istərsə də ölkə daxilində bu istiqamətdə ciddi addımlar atılmış, Azərbaycan dövlətinin beynəlxalq imici yüksəlmişdir. Xüsusən Birləş­miş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üz­vü seçilməsi, deyərdim ki, Azərbaycan dövlətinin ən ciddi uğur­larından biri kimi hər zaman bizim yad­da­şı­mız­da yaşayacaqdır.

Hörmətli cənab Sədr, mən arzu edərdim ki, 2011-ci ildə ol­duğu kimi, 2012-ci ildə də Milli Məclis Konstitusiya ilə müəy­yən olunmuş vəzifələrinin həyata keçirilməsi sahəsində öz fəaliyyətini səmərəli qursun və tamamilə əminəm ki, bu belə də olacaqdır.

Məndən öncə Siyasi partiyalar haqqında qanun layi­­si­nin qəbul edilməsi zəruriliyi irəli çəkildi. Mən düşünürəm ki, bu, xüsusilə əhəmiyyətlidir. Azərbaycanın siyasi sis­te­min­də siyasi partiyaların yerinin və rolunun müəy­yənləş­məsi və möhkəmlənməsi üçün belə bir qanunun qəbul edil­­sinə çox böyük və ciddi ehtiyac var. Mən ümidvaram ki, 2012-ci ildə biz belə bir qanunu qəbul edəcəyik.

Milli Məclisin dostluq qrupları 2011-ci ildə öz səlahiy­yətləri çərçivəsində müəyyən işlər görmüş, ayrı-ayrı öl­­lərlə əməkdaşlığın möhkəmlənməsinə öz töhfələrini ver­miş­lər. Mən çox arzu edərdim ki, dostluq qruplarının fəaliyyəti 2012-ci ildə daha da genişlənsin, daha ciddi, daha geniş xarakter daşısın. Bu həmin ölkələrlə Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə qurulmasında mühüm rol oynayır.

Mən bir daha sizin hər birinizi təbrik edir, 2012-ci ildə Milli Məclisə çətin, mürəkkəb və şərəfli fəaliyyətində uğurlar diləyirəm. Sağ olun.

Sədrlik edən. Sağ olun. Musa Qasımlı.

M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət və­kil­ləri! Mən də qarşıdan gələn bayramlar münasibəti ilə sizi təb­rik edir və millətimizə, dövlətimizə 2012-ci ilin daha uğur­­­lu gəlməsini arzulayıram. 2011-ci il cənab Prezidentimizin rəhbərliyi altında ölkəmizin inkişaf ili oldu. Bu il bizim yaddaşımızda müstəqilliyimizin bərpasının 20-ci ildönü­­nü bayram etdiyimiz, BMT-nin Təhlükəsizlik Şurasına üzv olduğumuz, Avroviziya yarışlarında birinci yerə çıxdı­­ğı­mız, güclü hərbi parad keçirərək hərbi qüdrətimizi nümayiş etdirdiyimiz il kimi qaldı.

Möhtərəm cənab Sədr, mən Sizin Fransa Senatına mü­ra­ci­ə­t­lə bağlı dediklərinizi tamamilə müdafiə edirəm. Fikrimcə, biz bayram bitəndən sonra Fransanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrinin Azərbaycana dəvət edil­məsi məsələsinə baxmalıyıq. Yaxşı olar ki, biz, eyni zamanda, Fransa Senatının və məclisinin nümayəndələrini, deputatlarını Azərbaycana dəvət edək.

Möhtərəm cənab Sədr, dövlət müstəqilliyimizi bərpa etdi­yimiz vaxtdan ötən 20 il müddətində ölkəmizdə mükəmməl dövlət protokolu qaydaları yaranıb. Ancaq bəzi nazirlikləri­mizin, komitələrimizin, qurumlarımızın tədbirlərində protokol qaydalarının pozulmasına rast gəlinir. Elə olur ki, hətta ağsaq­qal deputatlarımız həmin tədbirlərdə yer axtarmaqla məş­ğul olurlar. Bəlkə o qurumların rəhbərlərinə bir göstəriş ve­rəsiniz ki, onlar protokol məsələlərinə ciddi diqqət yetirsinlər.

Nəhayət, sonuncu məsələ. Mən İraqın Kərkük şəhərində Azərbaycan konsulluğunun açılmasını vacib hesab edirəm. Orada yaşayanlar özlərini azərbaycanlı hesab edir, Azərbay­can­la bağlı hesab edirlər. Bu bizim ümumi işimiz üçün fay­dalı ola bilər. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Siz protokol qaydalarını qeyd etdiniz. Əgər hər hansı bir nazirlik, hər hansı bir təş­kilat millət vəkilini dəvət edirsə, ilk növbədə onun rəhbəri protokol qaydalarına əməl olunmasına diqqət etməli, millət vəkilinə hörmət eləməlidir. Yox, əgər millət vəkilini dəvət eləyib arxada otuzdurursa, elə tədbirə getməyi, mən hesab edirəm ki, millət vəkili özünə rəva bilməməlidir. Biz bu şeylərə də qarışa bilmərik ki. Demək də istəmirəm, bəzən elə olur ki, heç dəvət eləmirlər, millət vəkili gedir ora, ona yer olmur. Belə hallar da olur. Niyə bunu demirik? Dəvət olunan yerə gedərlər. Adam özünə hörmət edər, normal yer olar, oturar, olmaz, bir də o tədbirə getməz. Zahid Oruc.

Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həm­karlar! Mən də bu təbriklərə qoşuluram. Təbii ki, bu dönəm­də bu millətin müxtəlif dua və arzuları var. Mən arzulayıram ki, 2012-ci ildə bu millətin ilk növbədə Qarabağ duası çin olsun, 2012-ci il Qarabağ ili, Azərbaycanın ərazi bütövlü­yü­nün təminatı ili olsun. Bunun üçün ötən dövr ərzində lazım olan bütün bazis formalaşıb, bütün tarixi, siyasi, iqtisadi zə­min yaradılıb.

İkincisi, cənab Sədr, Sizin və hörmətli Mübariz müəllimin fikirlərinə qoşularaq, saxta soyqırımı məsələsinə yanaşmada ümumi mövqe sərgiləmək istəyirəm. Əslində, bu addımlar sanki bir reaksiya xarakteri daşıyır. Lakin nəzərə almalıyıq ki, nə qədər Türkiyə dövləti var, onun geosiyasi gücü artanda, regional maraqları irəliləyəndə, yaxud başqa konyunkturadan, digər dövlətlərin xüsusi imperialist maraqlarından bu mə­sələ, bu saxta soyqırımı bir baryer, bir maneə kimi gün­də­mə gələcəkdir. Sinxronlaşdırılmış qaydada digər dövlətlərin parlamentlərinin də Fransadakı addımı təkrarlaması istisna oluna bilməz. Belə olan təqdirdə düşünməliyik, sadəcə, ölkələrə protest eləmək, bəyanatlar göndərmək son çıxış yoludurmu?

Mənim aləmimdə bu məsələdə Türkiyə və Azərbaycanın atacağı addım o prosesə beynəlxalq müstəvidə daha yaxşı müqavimət göstərməyə, balans yaratmağa, hələ bir az da, necə deyərlər, ön mövqeyə çıxmağa şərait yaradar. Bu addım nədən ibarətdir? Türkiyə və Azərbaycan Xocalı soyqırımının tanıdılması ilə bağlı birgə qurum yaratmalı­dır­lar. Erməniləri bu soyqırımının beynəlxalq miqyasda tanıdıl­ması qədər ifşa eləyən proses yoxdur.

Biz bilirik ki, Fransada bunu niyə eləyirlər, sadəcə, seçki marağı da deyil. Sarkozinin seçilməsi məsələsi də deyil. Al­la­hı inkar eləyənləri onlar cəzalandırmırlar. Peyğəmbərə asi düş­məyi insan hüquq və azadlığının bir elementi sayırlar. Er­mənilər Fransada Allahdan ucada dayanmırlar ki. Amma bu­nun dünyada hansısa mərkəzlərdən idarə olunması, çubuq­larla hərəkətə gətirilməsi var. Ona görə bu məsələyə kö­k­lü, strateji, proqramlı yanaşılması üçün Xocalı məsələsi ilə bağlı bir addım atılmalıdır. Saxta soyqırımının beynəl­xalq aləmdə tanıdılmasının qarşısının alınması üçün də iki ölkə arasında dövlət qurumuna bir ehtiyac var. O halda, Sizin dediyiniz kimi, TürkPA da, digər qurumlar da bu prosesdə daha fəal iştirak eləyə bilərlər.

Nəhayət, mən cənab Prezidentin iki gün öncə qəbul olunmuş Hərbi qulluqçuların mənzil təminatı haqqında fərmanını son dərəcə önəmli sayıram. Bu, minlərlə insanı əhatə edəcək, hərbi peşəyə gələnlər üçün stimul olacaq, ordu potensialımızın güclənməsi demək olacaqdır.

Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.

İ.Ağazadə. Çox sağ olun. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hər birinizi qarşıdan gələn bayramlar münasibətilə təbrik edir, dövlətimiz, millətimiz naminə fəaliyyətinizdə uğurlar, şəxsi işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Hesab edirəm, 2011-ci ildə Azərbaycanda baş verən hadi­sələri geniş təhlil edərkən ilk növbədə Azərbaycan daxilində və daha çox Azərbaycandan kənarda bizə verilən qiyməti, bizə olan münasibəti nəzərə almaya bilmərik. Çünki biz dünyadan təcrid olunmuş şəkildə yaşamırıq. Dünya birlikləri və dünya dövlətləri ilə münasibətlərimiz bizim daxili problemlərimizin həll olunmasına da ciddi stimul və təkan verir. Bu aspektdə mən son günlərdə cənab Prezidentin verdiyi əfv fərmanını yüksək dəyərləndirməklə yanaşı, təəssüf edirəm ki, bu, – Azərbaycan Respublikasının Milli Məclisin­də də bu barədə bir neçə dəfə çıxışımda demişdim, – Arif Hacılı başda olmaqla 2 aprel məhbuslarının heç birinə, o cümlədən Bəxtiyar Hacıyevə şamil olunmadı. Siyasi məhbus kateqoriyasına aid edilən digər şəxslərin heç biri bu əfv fərmanında yer almadı və Azərbaycan 2011-ci ildə beynəl­xalq təşkilatlarla insan haqlarının müdafiəsi istiqamətindəki problemini növbəti ilə daşıdı. Bu çox təəssüf doğuran haldır və hesab edirəm ki, Milli Məclis də, icra strukturları da 2012-ci ilin ilk günlərində, ilk aylarında bu məsələni həll etməlidir. Yazda Azərbaycanda keçiriləcək Avroviziya ya­rış­ması ərəfəsində Azərbaycana qarşı təbliğat apara bilə­cək qurumların və dövlətlərin də əlində bu fakt olmamalıdır.

İkinci, hesab edirəm, 2012-ci il Azərbaycanda siyasi islahatlar ili olmalıdır. Siyasi islahatları həyata keçirmək üçün Azərbaycan müxalifətinin dəfələrlə səsləndirdiyi dialoq tək­lifi­nə Azərbaycan iqtidarı, nəhayət, ciddi reaksiya verməli­dir. İqtidarla müxalifət arasında siyasi islahatlarla bağlı ciddi proses başlamalıdır. Siyasi islahat, dialoq deyərkən nədənsə hamı bunu çox sərt və qısqanc mövqe ilə qəbul edir. Halbuki bu tipli proseslər indiyə qədər dünyanın müxtəlif ölkələrində gedib və Azərbaycanda da “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşma azadlığı haqqında” qanunlarla, Seçki Mə­cəl­ləsinin özü ilə, korrupsiya və rüşvətxorluqla bağlı Azər­baycan müxalifətinin dəfələrlə təklif etdiyi ciddi məsələlər və o cümlədən iqtidarın da bu sahədə problemlərin olduğunu etiraf etdiyi məqamlar var. Buna görə də hesab edirəm, gələn il Azərbaycanda həm də siyasi islahatlar ili olmalıdır. Bir daha hamınıza gələn il üçün uğurlar arzu edib, hakimiy­yətdən bu planların gələcəkdə reallaşdırılmasını istərdim. Təşəkkür edirəm.

Sədrlik edən. Nazim Fərəcov. Sonra Bahar xanım söz istəyir.

N.Fərəcov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən həmkarlarımın təbriklərinə qoşularaq bütün xalqımızı Dünya azərbaycan­lılarının həmrəyliyi günü və Yeni il bayramları münasibəti ilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının hər bir vətəndaşına, hər bir azərbaycanlıya möhkəm can sağlığı və firavan həyat arzulayıram.

Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl – dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 50 illik yubileyini xalqımız böyük ruh yüksəkliyi ilə qeyd etdi. Dünyanın bütün aparıcı ölkələrinin başçıları möhtərəm Prezidentimizi yubiley münasibətilə təbrik etdilər və öz xoş arzularını bildirdilər.

Yubiley yaddaşlara tarixi bir gün kimi həkk olunduğundan hər bir insan onun təntənəli keçirilməsinə can atır. Lakin möh­tərəm Prezidentimiz İlham Əliyev 50 illik yubileyi gü­nün­də xalqımızın ən ağrılı probleminin ocağı olan Qara­bağ­da qaçqın və məcburi köçkünlərlə bir yerdə olmağı Bakı­da və ya dünyanın ən gözəl guşələrindən birində olmaqdan üstün tutdu. Bu isə o deməkdir ki, dövlətimizin rəhbəri prezidentlik dövründə bir gün də olsun Dağlıq Qarabağ məsələ­sini yaddan çıxarmır, qaçqın və məcburi köçkünlərə qayğı və diqqət göstərilməsinə xüsusi önəm verir.

Həmin gün hörmətli Prezidentimiz cənab İlham Əliyev və xanımı Ağcabədi rayonunun Taxtakörpü deyilən ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbənin açılışında iştirak etdilər. Bu qəsəbə 552 evdən, orta məktəb binasından, uşaq bağçası və digər sosial obyektlərdən ibarət olmaqla müasir tələblərə tam cavab verir. Görüşdə çıxış edən laçınlılar ölkə Prezidentini yubileyi münasibətilə təbrik edərək, ölkəmizin və xalqımızın gələcəyi naminə onun misilsiz xidmətlər göstərdiyini, Dağlıq Qara­bağ probleminin həlli istiqamətində prinsipial mövqe tut­du­ğunu böyük fərəh hissi ilə qeyd etdilər.

Möhtərəm Prezidentimiz İlham Əliyev görüşdə çıxış edərək təbriklərə və xoş sözlərə görə minnətdarlıq etdi və bildirdi ki, bu ərazidə yaxın vaxtlarda laçınlı məcburi köç­kün­lər üçün əlavə 1500 ailəlik qəsəbə tikilib istifadəyə ve­riləcək­dir ki, bu da həmin ərazidə məskunlaşmış laçınlıların yaşayış yeri ilə təmin olunmasındakı problemi tam aradan qaldıracaq və hamı normal şəraitdə fəaliyyət göstərməyə imkan əldə edəcəkdir. O qeyd etdi ki, mən ad günümü, adə­tən, qeyd etmirəm, yubileyimi isə ailəmlə keçirirəm və mənim də ailəm sizlərsiniz. Bu gün döyüş bölgəsində sizinlə bir yerdə olmaq, sizi dinləmək və sizinlə məsləhətləşmək mənim üçün çox xoşdur. Bu görüş məndə unudulmaz təəs­süratlar yaradır. Erməni separatçılarının məkrli siyasəti nəticəsində öz dədə-baba yurdlarından qaçmağa və köçməyə məcbur olan insanların taleyi məni həmişə düşündürür. Sizin probleminiz bütün Azərbaycan xalqının…

Sədrlik edən. Sağ olun. Bahar xanım, Siz də bir az qısa.

B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Hər şeydən əvvəl, cənab Sədr, mən Sizə təşəkkür edirəm ki, bü­tün bu günlər ərzində millət vəkilləri və Azərbaycan cə­miy­yəti tərəfindən səsləndirilən fikirləri nəzərə alaraq, belə bir müraciətin qəbul olunması ilə əlaqədar komissiyanın ya­ra­dıl­ması barədə qərar verdiniz. Hesab edirəm ki, Milli Məclis hər zaman olduğu kimi, bu dəfə də lazım olan addımı lazımi məqamda və zamanda atır. Arzu edək, bu müraciət müəyyən mənada məntiqi təfəkkürü, mühakiməni, beynəlxalq münasi­bətləri dəyərləndirən, xalqları və millətləri bir-birinə yaxın­laş­dırmaq­da maraqlı olan Fransa siyasətçilərinə və Fransa Senatının üzvlərinə müəyyən təsir göstərsin ki, onlar bu qanunun qarşısını ala bilsinlər.

Əlbəttə, mən tərəfdarıyam ki, Türkiyənin və Azərbay­ca­nın daxil olduğu Türkdilli Ölkələrin Parlament As­samb­le­ya­sı bu məsələyə münasibət bildirsin və bildirməlidir də. Amma eyni zamanda, qeyd etmək istəyirəm ki, bu, təkcə türk və Türkiyə məsələsi deyil. Mən bütün bu məsələləri etnik və dini fərqliliklərin mübarizəsi kimi qəbul etməyin və qələmə ver­məyin də tərəfdarı deyiləm. Düşünürəm ki, bu tip qərar­la­rın inkişaf etmiş Avropa ölkələrinin parlamentləri tərəfin­dən verilməsi təkcə etnik, dini qarşıdurmaya deyil, həm də dəyərlərin qarşıdurmasına gətirib çıxarır. Yəni bu həm də Av­ropa dəyərlərinin iflasa uğramasının göstəricisidir. Ona görə də biz bütün beynəlxalq təşkilatlardan bu məsələyə mü­nasi­bət bildirilməsini tələb etməliyik.

Mən hesab edirəm ki, ATƏT, onun Parlament Assamb­le­yası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bü­rosu bu məsələyə öz kəskin münasibətini bildirməlidir. Nəyə gö­rə ən elementar məsələlərdə elə anındaca reaksiya verən təş­kilat bu məsələyə münasibət bildirmir? Məgər Fransa ATƏT-in üzvü deyilmi? Avropa Şurasının Parlament As­samb­leyası hətta bir insanın haqqının pozulmasına etiraz edir. Mən tərəfdarıyam, etməlidir. Bu onun vəzifəsidir. Am­ma eyni zamanda, kütləvi şəkildə insan haqlarının pozul­ma­sına, ifadə azadlığının pozulmasına, fikir plüralizminin qar­şı­sını almağa rəvac verən belə bir qanunun qəbuluna Avropa Şurasının Parlament Assambleyası nəyə görə münasibət bildirməsin? Eləcə də Fransanın çox üstünlük təşkil etdiyi bir qurum – Avropa İttifaqı. Məgər onlar bu ittifaqı bu də­yər­lər əsasında təşkil etməyiblərmi? Avropa İttifaqının çər­çi­vəsini məhz bu dəyərləri təbliğ edərək genişləndirmək is­tə­mirlərmi? Avropa Xalq Partiyası, elə Sarkozinin də rəh­bər­lik etdiyi partiya, bütün beynəlxalq təşkilatlarda fəaliyyət gös­tərən Xalq Partiyası qrupu, hesab edirəm ki, bu mə­sə­lələrə öz münasibətini bildirməlidir.

Mən öz tərəfimdən ATƏT-in Parlament Assambleyasında bu məsələlərin gündəmə gəlməsi və onun buna münasibət bildirməsi üçün lazım olan addımları atmaqdayam və xahiş edirəm ki, bizim digər beynəlxalq təşkilatlarda olan nü­ma­yən­də heyətlərimiz də bu məsələni gündəmə gətirməyə çalış­sın­lar. Beynəlxalq təşkilatların borcudur ki, beynəlxalq prinsipləri, insanların birgə yaşayış qaydalarını, bizim əsaslandığımız vacib beynəlxalq insani dəyərləri ayaq altına atan belə qanunlara öz münasibətlərini bildirsinlər.

Burada səslənən bir fikrə – siyasi məhbus adlandırılan şəxslərin azad olunması məsələsinə münasibətimi bildirmək istəyirəm. Bilirsiniz, cənab Prezident humanistlik göstərir, bu yolu getmiş, lakin müəyyən qədər peşmançılıq hissi keçirmiş, öz günahını bilən, eyni zamanda, müvafiq prosedurlara əməl edən şəxsləri azad edir. Onlar çıxır və mətbuatda bəyanat verirlər ki, mən əfv ərizəsi yazmamışam, məni elə-belə azad ediblər. Bilirsiniz, bu, qeyri-ciddi, qeyri-səmimi bir münasibətdir. Bu gün əfv olunan şəxs bu prosedura əməl eləsin və yaxud kim istəyir, bu insanlar əfv olunsun, onlara başa salsınlar ki, bunun bir müvafiq qaydası var. Heç olmasa, əfv ərizəsi yazın və sonra da yazdığınızı inkar etməyin. Ona görə mən bu məsələlərdə bir az obyektiv və diqqətli olmağın tərəfdarıyam.

Dialoq məsələsi. Azərbaycan iqtidarı və Yeni Azərbaycan Partiyası dialoqun cəmiyyətdə mövcud olmasının hər zaman tərəfdarıdır və bunun üçün öz üzərinə düşən bütün vəzifələri ye­rinə yetirir. Bizim dialoqdan qaçmaq üçün bir kompleksimiz yoxdur. Biz bütün vacib məsələlərin ən müxtəlif dairələr vasitəsilə, onların iştirakı ilə müzakirəsinə hazırıq və bundan da qaçmırıq. Bilirsiniz ki, cənab Prezidentin 2020-ci ilə yeni baxış, yeni inkişaf konsepsiyası adlı bir sə­rən­camı olub və bu günlərdə respublikada bu məsələnin müzakirəsi gedir. Elə dünən də cənab Ramiz Mehdiyevin təşkilatçılığı ilə çox geniş dəyirmi masa keçirildi. Orada parlament üzvləri, ən müxtəlif təbəqələrin nümayəndələri, siyasi partiya rəhbərləri, müxalifət partiyasının nümayəndələri iş­tirak edirdilər. Bu yeni fəaliyyət proqramının, bu konsep­siyanın hazırlanması ilə bağlı çox gözəl bir fikir mübadiləsi aparıldı.

Mən hesab edirəm ki, bu sərəncamın qəbulu Azərbay­canda fəaliyyət göstərən bütün siyasi partiyalar tərəfindən bir fəaliyyət istiqaməti kimi qəbul olunmalıdır. Onlar da bununla bağlı öz mövqelərini müəyyənləşdirməli və 2020-ci ilədək, ondan sonra Azərbaycanı necə görmək istəyirlər, hansı təklifləri var, hansı fikirləri var, bunları ümumiləş­dirib, bununla məşğul olan işçi qrupa təqdim etməlidirlər. Mən əminəm ki, bu müzakirələr çox davamlı olacaq və Azər­baycanda fəaliyyət göstərən bütün siyasi partiyaların bu müzakirələrdə iştirak etmək imkanları var. Çox yaxşı olar ki, bundan səmərəli və faydalı istifadə edək və hər kəs Azər­baycanın inkişafına öz dəyərli töhfəsini versin. Diqtə et­məsin, tələb etməsin, sadəcə, prosesdə iştirak eləsin.

Mən, əlbəttə, Yeni il qabağı olduğu üçün hər birinizi, bü­tün Azərbaycan xalqını bu bayramlar münasibətilə ürəkdən təbrik edirəm. Təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun, Bahar xanım. Hesab edirəm, bu müraciətləri xoş notlarla etmək lazımdır.

Mən gözlədim, dedim, Zeynəb xanım gəlsin, amma de­yəsən, burada yoxdur. Bizim həmkarımız Zeynəb xanım 75 illiyi ilə əlaqədar olaraq cənab Prezident tərəfindən Fəxri dip­lomla və eləcə də Milli Məclisin Fəxri medalı ilə təltif olu­nub. Bu münasibətlə onu təbrik edirik. Gələndə Milli Məclisin Fəxri medalını ona təqdim edəcəyik. (Alqışlar.)

İndi isə gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Birinci məsələ Sosial xidmət haqqında qanun layihəsidir. Buyurun, Hadi Rəcəbli.

H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.

 Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Sabah Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Biz 2012-ci ilə həyatın bütün sahələrində qazandığımız uğurlarla qə­dəm qoyuruq. Möhtərəm Prezidentimiz cənab İlham Əli­yevin modernləşmiş dövlət quruculuğu modelinin mahiy­yətində Azərbaycanın social-iqtisadi sisteminin elmi əsaslar­la təkmilləşdirilməsi, xalqın rifahı, qayğı və istəkləri durur. Bu baxımdan üçüncü oxunuş üçün müzakirənizə təqdim edilmiş Sosial xidmət haqqında qanun layihəsi dövlətimizdə həyata keçirilən sosial islahatların tərkib hissəsi olaraq çətin həyat şəraitində yaşayan şəxslərin sosial müdafiəsinə isti­qamət­lənən və humanizm prinsiplərindən qaynaqlanan hü­qu­qi sənəd kimi ortaya qoyulmuşdur. Bir tərəfdən, sosial xid­mətin əhatə dairəsinin genişlənməsini, yəni maliyyə tutu­munun artmasını, digər tərəfdən isə bu işlərə özəl qurum­ların, bələdiyyələrin, könüllülərin cəlb edilməsini nəzərə alsaq, sənədin xalqımız üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha aydın görərik.

Bildiyiniz kimi, Sosial xidmət haqqında Azərbaycan Respublikası qanununun layihəsi bu ilin oktyabr ayının 28-də Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə olundu və debatlarda bir sıra təkliflər, rəylər səsləndi. Millət vəkilləri hörmətli Valeh Ələsgərov, Novruz Aslanov, Elmira Axundova, Azay Quliyev, Jalə Əliyeva, Tahir Rzayev, Arif Əşrəfov, Fərəc Quliyev, Rafael Cəbrayılov, Eldar Quliyev, İlham Məmmədov, Kamilə Əliyeva, Sevinc Fətəliyeva, Hacı Salayev və digərləri çıxış edərək layihəyə ümumən müsbət rəy bildirmiş, sənədin daha təkmil ortaya çıxması üçün maraqlı, əsaslı fikir və təkliflər irəli sürmüşdülər. Xüsusilə qeyd etmək lazımdır ki, bu müzakirələr istər işçi qrupu səviyyəsində, istərsə də komitə iclaslarında beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının bilavasitə yaxın­dan iştirakı ilə aparılmış, tutarlı rəylər, arqumentlər qanun layihəsində öz əksini tapmışdır. Bütövlükdə edilən əlavə və dəyişikliklərin qısa xülasəsini nəzərinə çatdırmaq istərdim.

I fəslin “Sosial xidmətin məqsədi” adlanan 4-cü maddəsi yeni redaksiyada verilmişdir. Həmin fəslin “Sosial xidmət sa­həsində dövlət siyasətinin əsas prinsipləri” adlanan 5-ci maddəsinə yeni bir prinsip əlavə olunmuşdur. Bu da ictimai iştirakçılığın təmin olunmasını özündə ehtiva edir.

II fəslin “Şəxsin (ailənin) çətin həyat şəraitində hesab edil­məsinin əsasları” adlanan 7-ci maddəsində əhəmiyyətli bir dəqiqləşmə aparılmışdır. Məlum olduğu kimi, 7.0.4-cü mad­dədə nəzərdə tutulurdu ki, xəstəlik, əlillik və ya ahıl­lıqla əla­qədar özünəqulluq etmək qabiliyyətinin, habelə onlara qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qo­hum­ların və ya qanuni nümayəndələrin olmaması şəxsin sosial xidmətə götürülməsi üçün əsas yaradır. Lakin biz burada subyektivliyə yol verilməməsi üçün həmin maddəyə ikinci bir cümlə əlavə etdik: “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq etmək qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qohumların olmaması mü­vafiq icra hakimiy­yəti orqanı tərəfindən müəyyən edilir”. Yəni şəxsin əsassız olaraq ona xidmət edə biləcək qohum­larının olmaması xülyasına düşməsinə burada yol verilmir.

7.0.10-cu maddədə redaktə xarakterli düzəliş edilərək şəxsin “sosial yadırğama” və “sosial məhrumiyyət” vəziy­yətin­də olması kimi ifadələr terminoloji baxımdan dəqiq­ləşdiril­mişdir.

Milli Məclisdə müzakirələrdə diqqəti cəlb edən əsas fikir­lərdən biri də şəxsin həyatı və sağlamlığı üçün ciddi təhlükə olduqda ona sosial xidmətin dərhal göstərilməsi ilə bağlıdır. Yəni bununla bağlı şəxs özü, yaxud onun qanuni nümayən­dəsi, habelə digər şəxslər müvafiq orqanlara müraciət edirlər. Sosial işçi onun sosial xidmətə ehtiyacını qiymət­ləndirir və müvafiq icra hakimiyyəti orqanı son qərarı qəbul edir. Lakin müəyyən olunmuş müddət çərçivəsində şəxsin həyatı və sağlamlığı üçün təhlükə yarana bilər. Ona görə də biz layihəyə yeni 12.4-cü maddəni əlavə etmişik.

III fəslin “Sosial xidmət sistemi” adlı 16-cı maddəsində sosial xidmət sisteminə “könüllülər”, – bizim daha çox eşit­di­yimiz “valantyor” deyilən bir qurum var, – əlavə olun­muşdur. Düşünürəm ki, bunlar da ölkədə xeyriyyəçilik institu­tunun və insanlarda mərhəmət hissinin daha da güclən­məsinə xidmət edəcəkdir.

Həmin fəslin 17-ci maddəsi “Sosial xidmət müəssisələri” adlanır. Biz buraya palliativ yardım mərkəzləri, kiçik qrup evləri, himayədar ailə, müvəqqəti qayğı xidmətləri kimi qurumlarla yanaşı, hospisləri də əlavə etdik.

Daha bir təklif əsasında qərara gəldik ki, bələdiyyə sosial xidmət müəssisələrini özəl sosial xidmət müəssisələrindən fərq­ləndirmək lazımdır. Ona görə də sizə təqdim olunan va­ri­antın V fəslinin 25.5-ci maddəsində bu məsələ öz əksini tapıb.

Layihə sizə paylanandan sonra çox kiçik texniki düzəliş­lər etmişik ki, bu barədə də məlumatınız olmalıdır. Burada belə bir məsələ var. “Sosial xidmətin formaları və növləri” adlanan IV fəslin 18, 19 və 20-ci maddələrində “evdə və yarımstasionar” sözlərindən sonra mötərizədə müvafiq olaraq “səyyar və günərzi” sözləri əlavə olunmuşdur. Bu kiçik dəyişikliyi sizin diqqətinizə çatdırmağı özümə borc bildim.

Əziz deputat həmkarlarım, icazə verin, sizin hamınızı qarşı­dan gələn bayramlar münasibəti ilə səmimi qəlbdən təbrik edim, sizə can sağlığı, uzun ömür və xalqımızın rifahı naminə parlament fəaliyyətinizdə uğurlar diləyim. Sonda, sizi hamılıqla bu qanun layihəsinə üçüncü oxunuşda səsverməyə çağırıram. Hesab edirəm ki, bununla da hər birimiz ölkəmizdə sosial müdafiəyə daha çox ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına, dünya təcrü­bəsinə uyğun sosial xidmətin göstərilməsinə yaxından kö­mək etmiş olacağıq. Sizə qabaqcadan razılığımı və dərin min­nətdarlığımı bildirirəm. Diqqətinizə görə minnətdaram.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin

birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Hadi müəllim. Əyləşin, zəhmət olmasa. Qanun layihəsi üçüncü oxunuşda səsə qoyulur. Bizim nizamnaməyə görə üçüncü oxunuşda çıxışlar olmur. Xahiş edirəm, münasibət bildirəsiniz.

 

Səsvermənin nəticələri  (saat 12.48 dəq.)

Lehinə  96

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  97

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikasının İsveçrə Kon­­fe­derasiyasında (Bern şəhərində) Səfirliyinin təsis edil­mə­si haqqında Azərbaycan Respublikası qanununun la­yi­hə­sidir. Sevinc Fətəliyeva, buyurun.

S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.

İlk növbədə hamınızı qarşıdan gələn bayramlar mü­na­si­bə­ti ilə təbrik edirəm. Hörmətli deputatlar, Azərbaycan Res­publi­kasının Cenevrə şəhərində BMT bölməsi və digər bey­nəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi artıq 1998-ci ildən fəaliyyət göstərir. 2005-ci ildə həmin daimi nü­mayən­dəliyin ştatından Bern şəhərində diplomatik missiya açılıb və bizim BMT bölməsindəki daimi nümayəndəmiz, eyni zamanda, səfir qismində öz etimadnaməsini İsveçrə Kon­federasiyasının prezidentinə təqdim edib. Bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini də nəzərə alsaq, təbii ki, iki diplomatik missi­ya­nın müxtəlif fəaliyyəti ortaya çıxır. Səfirlik iki ölkə arasın­dakı münasibətlərin inkişafı ilə məşğuldur, digər diplomatik missiya isə BMT bölməsində Azərbaycanı təmsil edib öl­kəmi­zin maraqlarını qorumaqdadır.

Son dövrdə Azərbaycanın dünya səviyyəsində artan nü­fuzu, əldə etdiyi iqtisadi nailiyyətlər, təbii ki, ölkəmizə olan maraq dairəsini daha da genişləndirdi. Bu baxımdan İsveçrə­də həm səfirliyin, həm də diplomatik nümayəndəliyin möv­cud­luğu vacibdir. Bu nöqteyi-nəzərdən Bern şəhərində Azər­bay­can Respublikasının Səfirliyinin təsis olunması vacib və məqsədəuyğundur. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihəsi ilə bağlı Qənirə Paşayeva çıxış eləmək istəyir. Buyurun.

Q.Paşayeva. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli xanımlar və cənablar! Mən də həm sizi, həm də bü­tün azərbaycanlıları qarşıdan gələn həmrəylik günü və Ye­ni il münasibəti ilə təbrik edirəm. Təbii ki, İsveçrə Konfe­derasiyasında səfirliyimizin təsis olunması çox önəmlidir və hamımız bunu alqışlayırıq. Amma bununla əlaqədar bir mə­sələni vurğulamaq istəyirəm.

Hörmətli Ziyafət müəllim, bayaq burada səsləndi ki, bu proseslər təkcə Fransada deyil, artıq Avropada yayılmışdır və biz bununla bağlı daha nələri etməliyik? Mən düşünürəm ki, xüsusilə o ölkələrdəki səfirliklərimiz üçün prioritet mə­sələlər­dən biri də bu qondarma erməni soyqırımı yalanları ilə mübarizə aparmaq olmalıdır. Diplomatik korpuslarımız vasitəsilə bu ölkələrin diqqətinə açıq şəkildə çatdırılmalıdır ki, Fransa parlamentindəki kimi qərarlar Türkiyə ilə yanaşı, Azərbaycanla əlaqələrə də çox ciddi şəkildə zərbə vurur və münasibətləri soyuqlaşdırır. Bütün diplomatik korpuslarımız vasitəsilə bunun o ölkələrə birmənalı şəkildə çatdırılması yaxşı olardı. Mən hörmətli Bahar xanımın təklif və fikir­lərini dəstəkləyirəm. Biz gözləyirik ki, TürkPA, İslam Konfransı Təşkilatı, ümumiyyətlə, bütün təşkilatlar Fransa par­lamen­tinin qərarı ilə bağlı öz etiraz səsini qaldıracaqlar.

Hörmətli Ziyafət müəllim, bayaq zaman çatmadı, ona görə indi fikrimi demək istəyirəm. Yəqin ki, müraciət hazır­lan­acaq, biz də onu dinləyəcəyik. Mən hesab edirəm ki, bizim Fransa Senatına edəcəyimiz müraciətdə bir məsələ bir­mənalı şəkildə öz əksini tapmalıdır. Mən dünən cəbhə böl­gəsində idim. Bu gün Azərbaycan cəmiyyətində elə bir adam tapmaq olmaz ki, bu qərardan sonra Fransanın Qa­rabağ münaqişəsinin tənzimlənməsində ədalətli, neytral, ob­yektiv həmsədr olacağına inansın.

Fransa Senatına müraciətdə birmənalı və sərt şəkildə gös­tə­rilməlidir ki, əgər onlar bu qərarı qüvvədə saxlayarsa və ləğv etməzsə, o zaman Fransa ATƏT-in Minsk Qrupunun həm­sədri kimi qala bilməz və birmənalı şəkildə həm­sədrlik­dən getməlidir. Çünki Fransa parlamenti bu qərarla erməni yalanlarına tərəf olduğunu göstərib. Azərbaycan münaqişə tərəflərindən biri kimi bu məsələni ciddi şəkildə qoyacaq. Mən hesab edirəm ki, bu məsələnin birmənalı şəkildə müra­ciətdə öz əksini tapması çox vacibdir. Eyni zamanda, vurğu­layım ki, belə bir proses 2015-ci ilə qədər bir sıra Avropa ölkələrində də gedəcək. Qondarma soyqırımının 100 illiyi ilə bağlı bəzi ölkələr Fransaya baxırlar ki, görək necə olacaq və buna uyğun da qərarlar alacaqlar. Artıq bu oyun­ların getdiyi ölkələrə Azərbaycan diplomatik korpusları vasi­təsilə çatdır­maq lazımdır ki, əgər bu cür qərarların qəbulu davam etsə, bu, Azərbaycanla münasibətlərə öz mə­n­fi təsirini göstərəcək. Səfirliyin açılmasını da, təbii ki, dəs­tək­­ləyirik. Sağ olun.

Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.

S.Rüstəmxanlı. Mənim bu qanunla bağlı konkret olaraq bir fikrim yoxdur. Təbii ki, Azərbaycanın diplomatik nü­mayən­dəliklərinin, səfirliklərinin sayının artması son dərəcə müs­bət bir hadisədir və bu bizi sevindirir. Mən xüsusən bizim səfirliklərin binalarını, iş şəraitini, təminatını görəndə, doğ­rusunu deyim ki, sevinirəm və bunu gənc bir dövlət üçün çox böyük bir uğur hesab edirəm.

Amma məlumat üçün onu da deyim ki, bu səfirliyi aça­cağımız həmin İsveçrə Fransadan əvvəl soyqırımı deyən­lərə yasaq qəbul edib. Hətta Türkiyə İşçi Partiyasının sədri Doğu Perinçek orada çıxışında soyqırımı olmayıb dediyinə görə onu həbs eləmişdilər. Onun xanımı hüquqşünasdır və nəti­cədə onu məhkəmədən azad elədilər. Amma təəssüf ki, indi qardaş Türkiyə özü onu həbs edib. Hətta oğlu Mehmet Pe­rinçek də həbs edilib.

Bununla işim yoxdur, amma İsveçrəyə gedən səfirlərimiz, diplomatik korpusun üzvləri bəri başdan bilməlidirlər ki, bu xəstəlik Avropaya elə İsveçrədən yayılmağa başlayıb. Təəs­süf ki, antidemokratik, Avropa qanunlarına yaraşma­yan, Avropanın dünyaya göstərdiyi sifətinin ayrı bir tərəfini orta­ya qoyan bu türk düşmənçiliyi dünyaya elə İsveçrədən ya­yılıb. Bunu biz nəzərə almalıyıq. Çox sağ olun.

Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.56 dəq.)

Lehinə  104

Əleyhinə  0

Bitərəf  0

Səs vermədi  1

İştirak edir  105

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında məxfi məlumatın qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Sevinc xanım, buyurun, məlumat verin.

S.Fətəliyeva. Hörmətli deputatlar, təqdim olunan sənəd dövlətlərin xüsusi qurumları arasında yazışmaların həyata keçirilməsini tənzimləyəcək, Azərbaycan və Gürcüstan əmək­daşlığını daha da genişləndirəcək.

Sədrlik edən. Çıxış eləmək istəyən yoxdur?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri  (saat 12.58 dəq.)

Lehinə   99

Əleyhinə  1

Bitərəf  0

Səs vermədi  0

İştirak edir  100

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin qarşı­lıqlı qorunması və təşviqi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu barədə komitə sədri Ziyad Səmədzadə məlumat verəcək. Buyurun, Ziyad müəllim.

Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.

Hörmətli Ziyafət müəllim, Milli Məclis üzvlərinin bu ba­rədə kifayət qədər məlumatı var. Azərbaycan və Türkiyə ara­sında iqtisadi sahədə əməkdaşlıq gündən-günə inkişaf edir. Bu qanun layihəsi də əməkdaşlığın daha da inten­siv­ləşdirilməsinə, onun səmərəliyinin artırılmasına yönəlmişdir. Millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmə­lərini xahiş edirəm.

Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev, buyurun.

Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən də Sizi, deputat həmkarlarımı və xalqımızı qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, 2012-ci il Azərbaycan xalqı üçün 2011-ci illə müqayisədə daha uğurlu bir il olsun. Hesab edirəm ki, 2011-ci ildə Azərbaycanın ən böyük uğurlarından biri məhz Türkiyə ilə bağlanan qaz sazişləri və qazın Avropaya nəqli ilə bağlı kəmərin çəkilməsi barədə imzalanmış saziş oldu. Birinci qaz sazişi imzalanarkən ölkəmizin özündə də çoxlu sayda insan Azərbaycan tərəfini ittiham edirdi ki, Türkiyəyə çox böyük güzəştlərə gedilib. O zaman mən də bu məsələyə münasibət bildirdim və hesab elədim ki, biz qardaş Türkiyə Respubli­kasına güzəştə gedə bilərik.

Ziyafət müəllim, xatırlayırsınızsa, zaman-zaman mən par­lament tribunasından bu məsələni qaldırmışam. Bu gün də hesab edirəm ki, sazişi təsdiq edərkən bir daha bu məsələ barədə danışmalıyıq. Ona görə ki, mən siyasətdə bunun adı­nın nə olduğunu bilmirəm. Ən azı bayramqabağı heç kimin xətrinə dəyməmək üçün hesab edirəm ki, düzgün deyil. Biz bu gün Azərbaycanı ittiham edirik ki, guya Fransa məsələ­sində Türkiyəyə lazımi dəstəyi vermirik. Amma bu gün Türkiyə ilə Ermənistan arasında mövcud olan ticari-iqtisadi əlaqələr barədə susuruq. Mən də hesab edirəm, biz bir daha Türkiyəyə müraciət ünvanlamalıyıq ki, Ermənistanla ticari əlaqələrinə yenidən baxsın. Bu gün Ermənistanla Türkiyə arasında sərhədlərin bağlı qalması sırf psixoloji, siyasi məsə­lədir. Onun heç bir iqtisadi təsiri yoxdur.

Mən Əli Həsənovun müsahibəsini xatırlayıram. Hər il 18 min­dən artıq iri yük maşını Türkiyədə yüklənir və birbaşa Ermənistana gedir. Bu, Gürcüstan üzərindən ticarət deyil. Yəni türk öz malını Gürcüstanda satır, erməni də oradan alır, aparır. Bu birbaşa əlaqələrdir. Bu ayın əvvəllərində Yere­van­da Türkiyə ilə Ermənistanın iş adamlarının birgə kon­fran­sı keçirildi. Orada da bildirildi ki, bu il ticarət dövriyyəsi 300 milyon dollara çatır.

Mən bunu nəyə görə bir daha söyləyirəm? Türkiyə bildirir ki, əgər Fransa soyqırımı tanımamağa görə cinayət məs­uliy­yəti nəzərdə tutubsa, Fransa ilə münasibətlərinə yenidən ba­xa­caq. Hətta bildiyimə görə onlar artıq Fransadan avtomo­bil­lərin alınmasından da imtina ediblər. Niyə bunu birbaşa Fransaya diktə edən və bu təbliğatı aparan Ermənistanla ticarət əlaqələrinə baxmırlar?

Ziyafət müəllim, çox maraqlı bir vəziyyət yaranıb. De­­li, Azərbaycanın qonşusu olan hər iki respublikada islam təmayüllü siyasi qüvvələr hakimiyyətdədir. Hər ikisi müsəl­mançılıqdan danışır. Hələ mən türklüyü qırağa qoyuram. Müsəlman ölkəsi olan Azərbaycanda 1 milyon qaçqın var. 20 faiz torpağımız işğal altındadır. Ermənistanı ayaqüstə sax­layan 2 müsəlman respublikasıdır. Biri qardaşımız Türki­yə, o biri İrandır.

O gün Əhmədinejad dedi ki, ticarət dövriyyəsini 1 mil­yar­da çatdırmalıyıq. Azərbaycan xalqı yalnız İranla bağlı etiraz səsini qaldırmamalıdır. Biz qardaşlarımıza da deməli­yik ki, Ermənistanı ayaq üstündə saxlayan sizsiniz.

Hörmət etdiyimiz sayın Ərdoğan Avropa Şurasının tribunasından çox fəxrlə bəyan edir ki, bu gün Türkiyədə 10 minlərcə erməni qanunsuz olaraq yaşayır və öz ölkəsinə pul göndərir. Həmin ermənilər bəslənəndən sonra başlayırlar ki, sən bizim torpaqlarımızı tutmusan. Ərazi iddiası irəli sürür­lər. Deyirlər ki, sən bizim qabağımızda diz çökəcəksən və olmayan soyqırıma görə bizdən üzr istəyəcəksən. Ona görə də düşünürəm ki, biz belə bir müraciəti qardaş Türkiyəyə də etməliyik. Özümüzü də o yerə qoymamalıyıq ki, guya heç nə baş vermir. Fikirləşməyin ki, bunun üstündən keçdiyimizə görə Türkiyədə bizə hörmət edirlər. Yox. Birinci, biz öz haq­larımızı qorumalıyıq, sonra qardaşlarımız haqqında dü­şün­məliyik.

Qənirə xanımın təklifini tam müdafiə edirəm. Mən də vaxtilə bəyanat verdim ki, əgər onlar bu qanunu qəbul etsə­lər, biz səfirimizi məsləhətləşmək üçün geri çağırmalıyıq, Fransanın Minsk qrupunun həmsədri olmasından imtina et­­liyik. Amma Azərbaycanın etdiyi bu fədakarlıqların qar­şısında haqqı var, Türkiyədən umsun ki, o, Ermənistanla ticari-iqtisadi əlaqələrinə yenidən baxsın. Mən bu sazişə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

O. Əsədov sədrlik edir

 

Sədrlik edən. Çox sağ olun. Sabir Rüstəmxanlı.

S.Rüstəmxanlı. Mən həmkarım Qüdrət Həsənquliyevin fikrini davam etdirmək istəyirəm. Türkiyə, şübhəsiz, Azər­bay­cana yaxın, qardaş bir dövlətdir və bizim taleyimiz bir­dir. Tarixin bir çox məqamlarında bir-birimizə dayaq dur­muşuq. Amma bu gün Azərbaycandan Türkiyəyə gedən işçi­lər 3 ay işləyəndən sonra yenidən qayıtmaq məcburiy­yə­tindədirlər. Qazandıqlarını da yollarda xərcləyirlər. Viza mə­sələləri müəyyən problemlər yaradır. Ermənistandan gedən işçilər isə orada rahat və daha uzun müddətə qala bilirlər.

Bundan əlavə, burada sərmayədən söhbət getdiyinə görə demək istəyirəm ki, bizə qardaş dövlət olduğu üçün Tür­kiyədə öz diasporumuz haqqında düşünmürük. Düşünürük ki, Türkiyə bütövlüklə Azərbaycanın yanındadır, arxasın­dadır. Təxminən 1 ay bundan əvvəl İstanbulda kitab sərgisi­nə getmişdim. Orada bir neçə böyük erməni nəşriyyatı var və onlar erməni tarixi ilə bağlı kitablar çap ediblər. Bu ki­tablar sərgidə nümayiş etdirilir. Bunlar Türkiyə vətəndaş­larıdır, amma bu işi görürlər. O boyda sərgidə Azərbaycanla bağlı bir dənə də kitab görmədim. Bu, Türkiyənin günahı deyil, orada yaşayan 3 milyondan çox Azərbaycan əsilli soy­­daşımızın günahıdır. Türkiyənin özündə də Azərbayca­nın təbliğinə, tanıdılmasına, Azərbaycan tarixinin və mə­dəniyyətinin öyrənilməsinə çox böyük ehtiyac var.

O sərgidə Ermənistan haqqında onlarca kitab göstərilib, satılıb. Bu işlər çox sərbəst şəkildə görülür. Soruşdum ki, niyə bura Türkiyənin siyasətinə zidd olan kitabları qoy­mu­sunuz? Deyir ki, demokratiyadır, biz belə istəyirik. Yaxşı, o demokratiya Azərbaycan üçün də olsun, Azərbaycan da Türkiyədə müəyyən işlər görsün.

Ya Türkiyə özü bizim əvəzimizdən bu işi görməlidir, ya da biz dövlət olaraq oradakı diaspor təşkilatları ilə işi elə qurmalıyıq ki, heç olmasa, qardaş dövlətdə bizim haqqı­mızda geniş məlumat olsun. Düzünü deyim ki, o sərgidə çox pərt oldum. Əgər Türkiyədə də belə problemlərimiz varsa, bilmirəm, biz başqa ölkələrdə işimizi necə qurmalıyıq?

Türkiyədən Azərbaycana gələn adam sərhəddə – Qazaxda viza ala bilməz. O, Tiflisə qayıtmalı, 2-3 gün orada avara olmalı, Gürcüstan səfirliyindən viza alıb gəlməlidir. Bu nə­dir, niyə bu problemi yaratmışıq? Balakəndə bizim gömrük məntəqəmiz varsa, vizanı orada verməlidirlər. Niyə aero­port­da verilə bilir, amma sərhəd məntəqəsində verilə bilmir? Sərmayə işi çox cüzi, xırda texniki məsələlərlə bağlıdır. Biz bu texniki məsələləri tam həll etməsək, heç vaxt sərmayələr rahatlıqla gəlib iqtisadiyyatımıza yardım edə bilməz. Tə­şəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Gövhər Baxşəliyeva.

G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mənim, əs­lində, danışmaq fikrim yox idi. Amma bu səslənən fikir­lərlə əlaqədar mən də öz sözümü demək istəyirəm. Elə bu günlərdə – ayın 23–24-də Türkiyədə “Müsəlman cəmiyyət­ləri və qadınların yolu” adlı böyük bir konfrans keçirildi. Burada dünyanın bir çox ölkələrindən qadınlar iştirak edirdi. Hörmətli Ərdoğan da gəlib orada böyük bir nitq yapdı. Çıxı­şında senatın qərarına öz münasibətini çox kəskin formada bildirdi.

Mən günün ikinci yarısında çıxış etdim, həm Ərdoğanın çıxışına, həm də senatın qərarına öz münasibətimi bildirdim. Dedim ki, yaxşı olmazmı, 100 il bundan əvvəlki hadisələri qiy­mətləndirmək əvəzinə 20 il bundan öncə baş vermiş Xo­calı soyqırımına, yaxud tarix boyu – 1915-ci ildə, 1918-ci ildə və 1988-ci ildən bu yana ermənilər tərəfindən azər­baycanlılara qarşı törədilən soyqırımı aktlarına qiymət ve­rək. İstər Cənubi Azərbaycanda, istərsə də Şimali Azərbay­canda bu faktlar dəqiq məlumdur. Bu faktların hamısını dəqiqliklə deyəndən sonra öz təklifimi də verdim ki, Türkiyə Böyük Millət Məclisi Fransa Senatının qərarına cavab olaraq azərbaycanlıların ermənilər tərəfindən zaman-zaman soy­qı­rı­mına məruz qalmalarına münasibət bildirsin.

Bu təkliflər auditoriya tərəfindən çox bəyənildi. Türkiyə­nin iki kanalı – “Xəbər ajansı” və “Kanal-7” bununla bağlı məndən geniş müsahibələr götürdülər. Bütün iştirakçılar da mənə yaxınlaşıb xahiş edirdilər ki, bu faktları dəqiqliklə on­lara çatdırım. Yəni geniş auditoriyanın, hətta qardaş Tür­ki­yənin ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətllərdən məlumatı yoxdur. Bu çox təəssüfləndirici bir faktdır ki, qardaş Türkiyədə hətta ziyalı təbəqə bunları kifayət qədər bilmir. Görünür, biz bu istiqamətdə daha geniş, daha böyük işlər görməliyik. Yəni bu faktları kifayət qədər bilmirlər. Mən bu haqda öz fikirlərimi demək istəyirdim. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Əli Hüseynli.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Mən, sadəcə, çı­xış­larla bağlı bir arayış vermək istəyirəm. Vizaların sərhəd­də və yaxud aeroportda alınması qeyri-mümkündür. Dünya­da vizaların alınmasının qaydası var. Biz bu yaxınlarda sizin iştirakınızla qanunvericiliyə dəyişiklik etdik. Vizalar kon­sulluq idarələrindən, səfirliklərdən alınır. Bizim milli qanun­vericiliyə görə elektron variantda da alına bilər. Ancaq xü­susi hallarda aeroportda vizanın alınması ilə bağlı qanunda bir neçə müddəa var. Ola bilsin, müəyyən problemlər var, ancaq qanuni yolla həll etmək lazımdır. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasi­bə­tinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri   (saat 13.12 dəq.)

Lehinə   105

Əleyhinə   0

Bitərəf   0

Səs vermədi  0

İştirak edir   105

Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannamə­sinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyursun Sevinc Fətəliyeva.

S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkil­ləri! Bildiyiniz kimi, Qazaxıstan Azərbaycanın regiondakı ən yaxın müttəfiqlərindən biridir. Dəfələrlə prezidentlərin görüşü zamanı və digər yüksək səviyyəli görüşlərdə bu müt­təfiqliyin və strateji əməkdaşlığın genişlənməsinin zəruriy­yəti ortaya qoyulmuşdur.

Müzakirəyə təqdim olunan Azərbaycan Respublikası Pre­zidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsi iki dost və eyni təfəkkürlü ölkə arasında olan sağlam və açıq münasibətlərin bariz nümunəsidir. Bu sənəd ikitərəfli əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdir­mək məqsədi daşıyır. Bu bəyannamədə təhlükəsizlik, enerji, iqtisadi, maliyyə, hüquqi istiqamətdə əməkdaşlıq öz əksini tapır. Sənəd həmçinin parlamentlərarası münasibətləri, hu­ma­nitar, incəsənət və mədəniyyət sahələrini də əhatə edir. Burada “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqi­şə­sinin beynəlxalq hüququn ümumtanınmış normaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunmazlığına riayət olunması və təmin edilməsi” bəndini xüsusilə qeyd etmək lazımdır. Bunları nəzərə alaraq düşünürəm ki, iki prezidentin birgə bəyannaməsi hər iki dövlətin inkişafına, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcək. Hamını bu qanun layihəsinə səs verməyə çağırıram. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Fərəc Quliyev.

F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən bu bəyan­naməni yüksək qiymətləndirirəm və hesab edirəm ki, çox ətraflı, sanballı bir sənəddir. Bəyannamədəki 7-ci və 8-ci bəndlərə münasibət bildirmək istəyirəm.

8-ci bənddə Minsk qrupu ilə bağlı fikir var. Göstərilir ki, tərəflər ATƏT çərçivəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş səy­lərə, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətinə istinad edərək, bu istiqamətdə daha təsirli və qəti addımlar atılma­sını qeyd edirlər. Düşünürəm ki, burada “Minsk Qrupu” sözlərindən sonra “və digər beynəlxalq qurumların” ifadəsi­nin yazılması çox vacibdir. Ona görə ki, biz artıq Fransa ilə bağlı məsələləri müzakirə edirik və onun Minsk Qrupunda qalıb-qalmaması sual altındadır. Üstəlik də, Minsk Qrupu həmsədrlərinin özlərinin də etiraf etdiyi kimi, çox səmərəsiz bir qurum olaraq son 20 ildə heç bir nəticə ortaya qoya bil­məmişlər. Ona görə təkcə Minsk Qrupunu yükləmək lazım deyil.

İkinci, çox mühüm məsələ ilə bağlı fikir bildirmək istəyi­rəm. Həm 7-ci, həm də 8-ci bənd “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsi ilə başlayır. Mən düşünürəm ki, “Azərbaycan–Ermənistan” ifadəsi işlənəndə Dağlıq Qarabağın ayrıca subyekt kimi burada səslənməsi qətiyyən doğru deyil. Hesab edirəm, bu ifadə bütün müqa­vilələrdən, danışıqlardan, ritorikalardan, bəyanatlardan çıxa­rıl­malıdır. Yəni “Azərbaycan” sözü işlənəndə Qarabağ ifa­dəsi də onun tərkibində gedir. Azərbaycan deyəndə ayrıca Şəki, Şamaxı və sair demirik ki. Biz Dağlıq Qarabağ məsə­ləsinin həllində erməni icmasını danışıqlara qatmaq üçün başqa dövlətlərə, beynəlxalq təşkilatlara tutarqa vermək istə­miriksə, münaqişənin adını olduğu kimi – ya Ermənistan–Azərbaycan müharibəsi və ya da, sadəcə, Dağlıq Qarabağ münaqişəsi kimi səsləndirməliyik. Mən bu ifadənin hər hansı bir sənəddə olmasını Azərbaycan üçün zərərli hesab edirəm. Təşəkkür edirəm.

Sədrlik edən. Fərəc müəllim, Siz deyirsiniz, ancaq hələ­lik Minsk Qrupunu heç kim ləğv etməyib, bağlamayıb. Bu­rada Minsk Qrupundan qabaq “Birləşmiş Millətlər Təşkilatı” yazılıb, bütün təşkilatlar qeyd edilib. ATƏT-ə aid olduğu üçün Minsk Qrupu deyilir. Bu, beynəlxalq sazişdir və biz bunu buradan çıxara bilmərik. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

 

Səsvermənin nəticələri   (saat 13.17 dəq.)

Lehinə   106

Əleyhinə   0

Bitərəf   0

Səs vermədi   1

İştirak edir   107

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında dəniz ticarət gə­miçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edil­məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Buyursun Ziyad Səmədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət və­kil­ləri! Sevinc xanım Azərbaycanla Qazaxıstan arasında bü­tün sahələrdə əməkdaşlığın gündən-günə inkişaf etməsi barədə kifayət qədər əsaslandırılmış məlumatlar verdi. Bu saziş bərabərlik, qarşılıqlı yardım və mənfəət prinsiplərinə əsaslanaraq dəniz ticarət gəmiçiliyi sahəsində iki ölkə ara­sında əlaqələrin inkişaf etdirilməsini və möhkəmlən­diril­mə­sini nəzərdə tutur. Millət vəkillərindən bu sazişə müsbət münasibət bildirmələrini xahiş edərdim.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bil­dirək.

 

Səsvermənin nəticələri   (saat 13.18 dəq.)

Lehinə   104

Əleyhinə   0

Bitərəf   0

Səs vermədi   0

İştirak edir   104

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında diplomatik nü­ma­yəndəliklərinin binalarının tikintisi üçün torpaq sahələri­nin qarşılıqlı olaraq ayrılması haqqında” Sazişin təsdiq edil­məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Sevinc Fətəliyeva.

S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkil­ləri! Artıq iki dövlət arasında münasibətlər haqqında burada fikirlər səslənib. Qısaca olaraq nəzərinizə çatdırım ki, həm Azərbaycanın Qazaxıstanda, həm də Qazaxıstanın Azərbay­can­da səfirliklərinin binaları icarəyə götürülüb. Təqdim olunan qanun layihəsinin bir sıra müsbət tərəfləri var. Məhz maddi cəhətdən çox əlverişlidir, digər tərəfdən milli üslubda müasir binanın tikilməsi Azərbaycanın xaricdəki mülkiy­yə­tini artırar, həmçinin müttəfiqlərimizdən biri olan dost və qardaş Qazaxıstan nümayəndələri üçün müvafiq şərait yaradarlar. Çox sağ olun.

Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.19 dəq.)

Lehinə   104

Əleyhinə    0

Bitərəf    0

Səs vermədi   1

İştirak edir    105

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qa­nununda dəyişikliklər edilməsi barədə Azərbaycan Res­pub­likası qanununun layihəsi haqqındadır. Buyursun Əli Hüseynli.

Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət qu­ruculuğu komitəsinin sədri.

Çox sağ olun, hörmətli cənab Sədr. Öncədən xahiş edi­rəm ki, 8 və 9-cu məsələlərin üzvü surətdə bağlı olduğunu nəzərə alaraq hər iki məsələni birgə məruzə etmək üçün şərait yaradasınız.

Hörmətli həmkarlar, bu gün sizin diqqətinizə mahiyyət eti­barilə çox vacib bir sənəd təqdim olunmuşdur. “Azərbay­can Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna dəyişikliklər edilməsi zərurətinin meydana çıxması ilə bağlı qısaca məlumat vermək istərdim.

Biometrik informasiya texnologiyaları əsasında Azərbay­can vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqi ilə bağlı cənab Prezidentin 2011-ci il 15 fevral tarixli müvafiq fərmanı mövcuddur. Bu fərman Azərbaycan Res­pub­likasında biometrik eyniləşdirmə sisteminin yaradılması ilə bağlı 2007–2012-ci illər üzrə Dövlət Proqramına əsas­lanırdı. Beləliklə, artıq 2007-ci ildən icra olunan dövlət proq­ramı var. Vətəndaşın yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması isə bu proqramın tərkib hissəsi kimi nəzərdə tutulmuşdur. Əslində, yeni nəsil şəxsiyyət vəsiqəsi deyəndə müasir, sivil, qabaqcıl dünyada və yaxud Avropa İttifaqına üzv ölkələrdə mövcud olan şəxsiyyət vəsiqəsi formasının işlənib hazırlanmasından söhbət gedir. Bunun tətbiqi ilə bağlı cənab Prezident, söylədiyim kimi, fərman imzaladı. Nazirlər Kabinetinə tapşırıq verildi ki, bir neçə ay müddətin­də elektron daşıyıcısı – çipi olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri və nümunəsi ha­zır­lanıb cənab Prezidentə təqdim edilsin.

Burada, cənab Sədr, mən növbəti layihəyə keçid etmək istəyirəm. Çünki artıq Prezidentin fərmanı və dövlət proq­ra­mı ilə şəxsiyyət vəsiqəsinin hazırlanması müvafiq icra haki­miyyəti orqanına tapşırılmışdır. İndiyə qədər, yəni 1994-cü il tarixli qanunvericilikdə bu təsvirin hazırlanması əsasnamə ilə həyata keçirilirdi. Əsasnaməni Milli Məclis hazırlayırdı. Amma dövlət proqramında artıq nəzərdə tutulmuşdur ki, bu vəzifə müvafiq icra hakimiyyəti orqanına tapşırılsın. Növ­bəti məsələ, əslində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Qanunun ləğv edilməsi dövlət proqramının icrası ilə bağlı­dır. Yəni hesab edək ki, artıq 8-ci məsələnin gündəmə çıx­ması zərurətini sizin diqqətinizə çatdırdım.

İndi isə yenidən qayıdıram “Azərbaycan Respublikası və­təndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununda dəyişik­liklər edilməsi barədə qanun layihəsinin mahiyyətinə. Layi­hə üzərində, qeyd etdiyim kimi, Nazirlər Kabinetində işçi qrupu çalışmışdır. Əlbəttə, layihə mütərəqqi beynəlxalq təc­rübəyə əsaslanaraq hazırlanmışdır. Layihə ilə bağlı qısaca bir neçə fikrimi tezis formasında çatdırmaq istəyirəm.

İlk növbədə, şəxsiyyət vəsiqəsi ilə bağlı 1-ci maddədə belə bir fikir var. Mən “şəxsiyyət vəsiqəsi” yox, “yeni nəsil şəx­siyyət vəsiqəsi” ifadəsindən istifadə edəcəyəm. Çünki məhz bundan sonra olacaq şəxsiyyət vəsiqəsi bu Qanunun tətbiqi ilə həyata keçiriləcək. Yeni nəsil şəxsiyyət vəsiqəsi imkan verə­cək ki, vətəndaşlar, əgər bizim dövlətlə xarici döv­lət arasında müvafiq müqavilə varsa, digər ölkələrə get­mək, gəlmək üçün də bu şəxsiyyət vəsiqəsindən istifadə et­sinlər. Bu çox mühüm və mütərəqqi bir haldır. Beləliklə, bir sənəd həm daxildə şəxsiyyət vəsiqəsi, həm də, belə demək mümkünsə, xarici pasport rolunu oynamış olacaq. Yəqin, siz də arayışa fikir vermisiniz. Şəxsiyyət vəsiqəsində indi qüv­vədə olan qanun­ve­ricilikdə sadalanan məlumatlar var. Am­ma buraya edilən yenilik şəxsiyyət vəsiqəsində yerləşdirilən elektron daşıyıcıya və yaxud çipə əlavə olunan məlumat­lardır.

Fürsətdən istifadə edib demək istəyirəm ki, biz bir müd­dət öncə Milli Məclisin İnsan hüquqları komitəsi ilə birlikdə Fər­di məlumatlar haqqında da qanun layihəsi hazırlayıb par­la­mentə təqdim etmişdik. “Fərdi məlumatlar” haqqında Qa­nun şəxsi həyatın sirri ilə bağlı bütün məsələləri özündə eh­tiva edir. Şəxsi məlumatların qorunması, fərdi məlumatların hüqu­qi rejimi və mühafizəsi ilə bağlı “Fərdi məlumatlar haq­qında” Qanunda müvafiq orqanlara tapşırıqlar verilib. Yəni bu çipə əlavə olunan məlumatlar qanunda sadalanıb və heç kimdə narahatlıq yaranmamalıdır ki, onları oxumaq müm­kündür. Amma bir halda ki mühafizə olunur, təbii, ancaq vətəndaşın özünə məxsus informasiyadır və ancaq onun üçün açıqdır.

Burada, yeri gəlmişkən, 3-cü maddədə bir yeniliyi də söy­ləmək istəyirəm. Şəxsiyyət vəsiqəsində göstərilən məlumat­lar burada sadalanıb. Vətəndaşın adı, soyadı, doğulduğu il və sair. Bunlar hamısı məlumdur, əvvəldə var idi. Amma yeni­lik nədir? Elektron imza ilə əlaqədar sertifikatlar, yəni bu informasiyanın göstərilməsidir. Hələlik elektron imzanın tət­biqi ilə bağlı ölkəmizdə işlər elektron hökumət modeli çər­çivəsində gedir. Bu çox mühüm haldır. Bu iş, hesab edirəm ki, gələcəkdə həm dövlət orqanlarında, həm də vətəndaşlar tərəfindən müvəffəqiyyətlə tətbiq olunacaq. Amma artıq qa­nun­vericilik indidən elektron imzanın çipdə yerləşdirilməsi məsələsini həll etmiş olur. Amma bu, əlbəttə, gələcəyin mə­sələsidir. Ümumiyyətlə, vətəndaşla dövlət orqanları arasın­da, dövlət orqanlarının öz aralarındakı yazışma üçün elek­tron imzanın xüsusi bir əhəmiyyəti vardır.

Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı 4-cü maddə. Möv­­­cud qanunvericiliklə müəyyənləşdirilmiş yaş həddi də­yiş­­dirilir. Təklif olunur ki, şəxsiyyət vəsiqəsi 10 illik müd­dətə verilsin. Deməli, hər 10 ildən bir vəsiqə dəyişdi­ril­məlidir. İndiki variantda 25, 35, 50 yaşlarında dəyişdirilir. Təklif olunur ki, 55 yaşı tamam olmuş şəxslərə isə artıq qeyri-məhdud müddətə verilsin. 55 yaşdan sonra yeni nəsil şəxsiyyət vəsiqəsini artıq dəyişdirməyə ehtiyac yoxdur.

Fürsətdən istifadə edib bir məsələyə də izahat vermək is­təyirəm. Əlbəttə, hamını nə maraqlandıracaq? Müəyyən yaş həddi çatdıqdan, daha doğrusu, 10 il müddəti bitdikdən son­ra vəsiqənin dəyişdirilməsi hansı pozuntulara və yaxud na­rahatlıqlara səbəb ola bilər? Məlumat üçün bildirmək istə­yirəm ki, artıq indidən bu sənədlərin vətəndaş tərəfindən elektron formada təqdim olunması və alınması ilə bağlı iş gedir. Yəni zaman çatdıqdan, on il müddəti bitdikdən sonra yeni nəsil şəxsiyyət vəsiqəsinin alınmasının belə elektron formada həyata keçirilməsi nəzərdə tutulur. Bu mənada 4-cü maddədəki qeyd çox vacibdir. Yəqin, baxmısınız. Burada bir qeyd var. Bu, həm də qanunun tətbiqi ilə bağlı qeyddir. Be­ləliklə, qeyddə deyilir ki, 2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı və sair məlumatlarda dəyişikliklər edilənədək, vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Mən burada bir izahat vermək istəyirəm, çünki bir çaş­qınlıq yarana bilər. Bu qeydin mənası ondan ibarətdir ki, ye­ni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması üçün biz müvafiq orqanlara müəyyən vaxt verməliyik. Bu vaxt 2014-cü il yan­varın 1-dək olan vaxtdır. İkinci, 2014-cü il yanvarın 1-dək şəxsiyyət vəsiqələri köhnə variantda verilir və bu müddət başa çatanadək qüvvədə qalır. Yəni vətəndaşlar üçün heç bir narahatlıq yaranmayacaq. Əgər vətəndaş 2013-cü ilin dekabr ayında mövcud qanunvericiliklə köhnə şəxsiyyət vəsiqəsi alıbsa, 25 yaşı, digər vətəndaş isə 35 yaşı tamam olanadək vəsiqəsi qüvvədə qalacaq. Beləliklə, baxmayaraq ki, biz çox mütərəqqi bir layihə təqdim etmişik və yeni nəsil şəxsiyyət vəsiqəsinə keçirik, bu keçid isə müəyyən zaman kəsiyində baş verəcək, vətəndaşlar üçün heç bir narahatlıq yaranma­yacaq. Yəni bu proses mərhələli şəkildə davam edəcəkdir.

Nəhayət, 5-ci maddə dövlət rüsumu ilə bağlıdır. Təbii, müvafiq qanunla dövlət rüsumunun məbləği müəyyən edilir. Bu, əslində, indiki qanunvericilikdə də var. Şəxsiyyət vəsi­qəsində səhv məlumat göstərilibsə və yaxud daxil edilmiş məlumatlarda səhv müəyyənləşdirilibsə, vəsiqəni dəyişdir­mək lazımdır. Biz 5-ci maddədə, hesab edirəm, çox dəqiq müddəalar qeyd etmişik. Belə bir hal olduqda vəsiqə yarım saat ərzində dəyişdirilməlidir. Bundan ötrü isə dövlət rüsu­mu tutulmayacaq. Yəni müvafiq icra hakimiyyəti orqanının üzərinə vəzifə qoyulur ki, vəsiqəni mütləq qısa zaman çərçivəsində dəyişdirməlidir. Çünki məlumat da səhv olub.

Hörmətli həmkarlar, bu layihə, hesab edirəm ki, çox mü­hüm bir layihədir. Bununla bağlı sizi məlumatlandırmaq istə­yirəm ki, artıq cənab Prezidentin fevral ayında verdiyi sərən­camdan sonra müvafiq icra hakimiyyəti orqanları, həm Nazirlər Kabineti, həm də Daxili İşlər Nazirliyi yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması üzərində iş aparırlar. Qeyd etmək istəyirəm ki, bu işə Avropada çox tanınmış, bu sahədə mütərəqqi nailiyyətləri olan şirkətlər, o cümlədən İsveçrənin “Trup” şirkəti də cəlb olunub. Həmin şirkətlər Avropa İttifa­qına üzv olan ölkələr üçün şəxsiyyət vəsiqələri hazırlayırlar. Mən inanıram ki, qanun layihəsində müəyyən etdiyimiz müddət – 2014-cü il yanvarın 1-dək olan müddət imkan verə­cək ki, müvafiq dövlət orqanları yeni nəsil şəx­siy­yət vəsiqə­lərinin verilməsini müasir səviyyədə, vətəndaş­larımız üçün heç bir narahatlıq yaratmadan həyata keçirə bilsinlər. Diqqə­tinizə görə sağ olun.

Sədrlik edən. On deputat çıxış üçün yazılıb. Mənim bir sualım var. Keçən dəfə komitə sədrlərinin iclasında biz da­nışdıq. Siz dediniz ki, İsveçrə şirkəti bununla məşğul ola­caq. Bu şəxsiyyət vəsiqələrinin ölçüsü məsələsi beynəlxalq stan­dartlara uyğun olacaq, yoxsa yenə həmin ölçülərdə qalacaq?

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. İndi mövcud şəx­siy­yət vəsiqələri ilə hazırlanan şəxsiyyət vəsiqələrini, cənab Sədr, heç müqayisə etmək mümkün deyil. İndiki şəxsiyyət və­­siqələri 10 il bundan əvvəl müasir görünürdü. Amma hə­min şəxsiyyət vəsiqəsində heç bir informasiyanı oxumaq ol­mur­du. Müasir dövrün şəxsiyyət vəsiqələrində informasiya çipdə yerləşdirilir. Yəni onu görmək mümkün deyil, müva­fiq texniki vasitə ilə oxumaq mümkündür. Mən bir qədər qabağa getmək istəmirəm. Çünki vəsiqənin təsviri ilə müva­fiq icra ha­kimiyyəti orqanları məşğuldurlar. Amma məndə həmin təs­vir var. Şəxsiyyət vəsiqəsinin layihəsi kimi hazır­lan­mış bu təs­vir Avropa İttifaqına üzv ölkələrin vətəndaş­larının vəsiqə­lə­­ri formasındadır. Amma təkrar edirəm, biz “şəxsiyyət vəsi­qə­si” deyəndə, nədənsə mənim özümə də möv­cud şəxsiyyət və­siqəsini xatırladır. Amma əslində, belə deyil. Yeni nəsil şəx­­­siyyət vəsiqəsi, həqiqətən də, Avropa İttifaqı standartları­na uyğun şəxsiyyət vəsiqəsi, daha dəqiq desəm, kart olacaqdır.

Sədrlik edən. Çox sağ olun. Çıxış etmək üçün yazı­lan­lardan təkid edənlər varsa, çıxışlara başlayaq.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə mü­nasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.33 dəq.)

Lehinə   100

Əleyhinə    0

Bitərəf    0

Səs vermədi    0

İştirak edir    100

Nəticə: Qəbul edildi

 

Zəhmət olmasa, 9-cu məsələyə də münasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.33 dəq.)

Lehinə   101

Əleyhinə    0

Bitərəf   0

Səs vermədi   0

İştirak edir   101

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi ba­rədədir. Əli Hüseynli buyursun.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilən dəyişikliyin əsas mahiyyəti elektron dövlət qeydiy­yatının tətbiqi ilə bağlıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, elektron qeydiyyat, yəni müasir informasiya texnologiyala­rının tətbiqi ilə bağlı təqdim etdiyimiz layihələr son bir ildə gördüyümüz ən mütərəqqi işlərdir. Onu da qeyd edim ki, bu cür qeydiyyat, əlbəttə, tək reyestr sistemində yox, ümumiy­yətlə, dövlət orqanları ilə münasibətdə mövcud qeyri-peşə­kar münasibətlərin, pozuntuların qarşısının alınmasına yö­nəl­dilir. Bu qanun layihəsi də ilk növbədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatını özündə ehtiva edən bir sənəddir. Cənab Prezident tərəfindən hələlik bu mərhələdə ancaq yerli investisiyalı məhdud mə­suliyyətli cəmiyyətlərin elektron qeydiyyatı təklif edilir. Am­ma bu çox mütərəqqi bir haldır. Mən əminəm ki, millət vəkilləri də bunu dəstəkləyəcəklər.

Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.35 dəq.)

Lehinə   97

Əleyhinə   0

Bitərəf   0

Səs vermədi  1

İştirak edir   98

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi. Hörmətli millət vəkilləri, Fran­sa Senatına müraciətin mətni seçdiyimiz komissiya tərə­findən hazırlanıb. Mən təklif edirəm ki, ona qulaq asaq. Bu­yursun Sahibə Qafarova.

S.Qafarova. Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Senatına müraciəti.

“Hörmətli həmkarlar!

Bu il dekabrın 22-də Fransa Respublikasının Milli As­sam­bleyasında “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul olunduğu barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Növbəti mərhələdə layihənin Fransa Respublikası Senatının müzaki­rəsinə çıxarılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq, biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təq­dirdə belə bir qanun demokratik quruluşun təməlində dayanan, insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlığına zidd olacaqdır.

Hazırda dinlər və mədəniyyətlər arasında dialoqun dərin­ləş­dirilməsi zərurətinin mövcud olduğu bir dövrdə bu cür qanunun qəbul edilməsi dünyada ikili standartların mövcud­lu­ğu barədə fikirləri təsdiqləyəcəkdir. Hər bir ölkənin tari­xində axıra qədər məlum olmayan, elmi cəhətdən tədqiq edil­məsinə ehtiyac olan hadisələr vardır. 1915-ci ildə Os­manlı Türkiyəsi ərazisində ermənilərin “soyqırımı”na məruz qalması barədə deyilənlər də ciddi araşdırma tələb edən ehtimallar qəbilindəndir. Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlər açılmış, arzu edən hər kəs, o cümlədən erməni siyasətçiləri və alimləri XX əsrin əvvəllərinə aid tarixi sənədlərlə tanış olmağa dəvət edilmişlər. Təəssüf ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərmişdir.

Diqqətinizə çatdırırıq ki, “erməni soyqırımı”nın baş verdi­yi iddia olunan dövrdə, yəni XX əsrin əvvəllərində yüz min­lərlə günahsız türk və azərbaycanlı erməni millətçiləri tərəfin­dən kütləvi şəkildə qətlə yetirilmişdir. Lap yaxın keç­mişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhəri­nin yüzlərcə dinc sakini yalnız azərbaycanlı olduğuna görə Ermə­nis­tan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürül­müşdür. Bütün bunlar nəzərə alınarsa, yəqin, bizimlə razıla­şarsınız ki, tarixi hadisələrə bir tərəfin mövqeyindən qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliyə gətirib çıxa­ra bilər. Ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin bəd niy­yətli fəaliyyəti nəticəsində qəbul edilə biləcək qanun Fran­sa kimi qədim demokratik ənənələrə malik ölkənin nüfuzuna yalnız ləkə vura bilər.

Bununla yanaşı, belə bir qanun Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama sa­lınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaqdır. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisi Fransa Respublikasının Senatındakı həmkarlarını adı çəkilən mə­sələ­nin müzakirəsi zamanı diqqətli və həssas olmağa ça­ğırır.”

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Çox sağ olun. Amma, Mübariz müəllim, mənim də bir təklifim var. Orada, ümumiyyətlə, demokratiyaya zidd olan yanaşmaya kəskin münasibət bilinməlidir. Kəskin ifadələr işlədilməlidir. Onlar insan hüquqlarına, iradə, söz azadlığına zidd münasibətdən bizə dərs keçirlər. Həmin məsələ burada öz əksini tapmalıdır.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Biz indi müraciəti müzakirəyə çıxarsaq… Bu axırıncı variant deyil. Xahiş edirəm, əgər təkliflər varsa, deyilsin, yazılı şəkildə verilsin. Mübariz müəllim, buyurun.

M.Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mən hesab edirəm, biz bu müraciəti qəbul etməliyik. Kimin nə təklifi ol­sa, biz üzərində işləyib əlavə edərik. Əsas kimi qəbul edək, çünki müzakirələrə başlasaq, təbii, çox uzun çəkə bi­lər, məncə, ümumi işə də töhfə verməz. Təşəkkür edirəm.

Sədrlik edən. Tamamilə razıyam, bu, Milli Məclisin qərarıdır. Ona görə kimin təklifləri varsa, versin, komissiya da müraciət üzərində öz işini aparacaq. Bu gün ayın 30-dur. Xahiş edirəm, təkliflərinizi verin, komissiya öz işini aparsın. Lazım olsa, Xarici İşlər Nazirliyinə bu müraciəti göndərərik. Xahiş edirəm, verilən təklifləri nəzərə almaqla müraciətə münasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.42 dəq.)

Lehinə   111

Əleyhinə   0

Bitərəf   0

Səs vermədi  0

İştirak edir   111

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədədir. Əli Hüseynli, buyurun.

Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Oqtay müəllim, 11-ci məsələ İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə və 13-cü məsələ Mülki Məcəlləyə edilən dəyişikliklərlə bağ­lıdır. Bunlar mənim məruzə etdiyim 10-cu məsələ, elektron qeydiyyatla bağlı məsələlərdir, onun davamıdır. İnzibati Xə­talar Məcəlləsində təklif olunan dəyişiklikdə elektron qay­dada qeydiyyat keçirilərkən, düzgün məlumatlar təqdim olunmamasına görə cərimə nəzərdə tutulur. Hər bir vətəndaş hüquqi şəxslərin elektron dövlət qeydiyyatı zamanı düzgün məlumat təqdim etməlidir. Ona görə hesab edirəm ki, bu məsələləri də səsə qoymaq mümkündür.

Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, 11-ci məsələyə münasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.44 dəq.)

Lehinə   100

Əleyhinə   0

Bitərəf   0

Səs vermədi   0

İştirak edir   100

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi. Gündəliyin 13-cü məsələsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.44 dəq.)

Lehinə    99

Əleyhinə   0

Bitərəf   0

Səs vermədi   0

İştirak edir   99

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Gündəliyin 12-ci məsələsi “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad Sə­mədzadə.

Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli Əli müəl­lim burada elektron dövlət qeydiyyatı haqqında kifayət qədər məlumat verdi. “Dövlət rüsumu haqqında” Qanunun 20-ci maddəsinə aşağıdakı bənd əlavə edilir: “Hüquqi şəxs­lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır”. Bu qa­nun layihəsinə səs verməyinizi xahiş edirəm.

Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.45 dəq.)

Lehinə  106

Əleyhinə   0

Bitərəf  0

Səs vermədi    0

İştirak edir   106

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Növbəti, 14-cü məsələ “Azərbaycan Respublikası Hesab­lama Palatasının 2012-ci il üçün xərclər smetası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarında dəyi­şik­liklər edilməsi barədədir. Buyurun, Hesablama Palatası­nın sədri cənab Heydər Əsədov.

H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palata­sının sədri.

Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də sizi qar­şı­dan gələn bayramlar münasibəti ilə təbrik edirəm və hər birinizə ayrılıqda öz hörmətimi və ehtiramımı bildirirəm.

Hörmətli millət vəkilləri, Hesablama Palatasının büdcə­sində edilən dəyişikliklər qanunvericiliyə əsasən Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin yaradılması və ona ayrılacaq vəsaitlərin ayrıca sətirlə nəzər­də tutulması ilə əlaqədardır. Bu mexanizmin həyata keçiril­məsi Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin maliyyələşdirilməsi mexanizmini təkmilləş­dirəcək və xeyli asanlaşdıracaqdır. Burada başqa bir dəyi­şiklik nəzərdə tutulmayıb, ona görə də bu dəyişikliyə səs verməyinizi xahiş edirəm.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bil­dirək.

 

Səsvermənin nəticələri   (saat 13.47 dəq.)

Lehinə  107

Əleyhinə  0

Bitərəf   0

Səs vermədi   1

İştirak edir   108

Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi.

Nəhayət, bugünkü gündəliyin sonuncu məsələsi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbay­can Respublikası Milli Məclisinin müraciətidir. Buyurun, Mübariz Qurbanlı.

M.Qurbanlı. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti.

“Əziz soydaşlar, dəyərli həmvətənlər!

Böyük və qüdrətli Azərbaycan xalqının övladlarını dil, əqi­də və əməl birliyinə söykənən milli-mənəvi bütövləş­mə­yə çağırış günündə hər birinizi hörmətlə salamlayırıq. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə iyirmi il əvvəl 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Dövlət müstəqilliyimizlə yaşıd olan bu pro­sesin başlanğıcı xalqımızın tarixi müqəddəratında köklü də­yişikliklərin baş verdiyi bir dövrə təsadüf etmişdir. Ümum­milli məqsədlərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəs­süm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlan­ğıcını qoymuşdur. Bu proses sonrakı dövrdə daha geniş vü­sət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdi­ril­məsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi, soydaşlarımızın tarixi Vətənlə bağla­rı­nın gücləndirilməsi Azərbaycanda dövlət siyasətinin ayrıl­maz tərkib hissəsinə çevrilmişdir. Milli-mənəvi bütövlüyü­müzün, dil, əqidə, əməl birliyimizin yaradılması istiqamətin­də görülən işlər azərbaycançılıq ideyasını soydaşlarımızın şüurlarına və qəlblərinə hakim etmişdir.

Müasir dünyada cərəyan edən siyasi proseslər sübut edir ki, öz qüvvələrini birləşdirib həmrəyliyə nail ola bilməyən xalqlar milli mənafelərini qorumaq imkanlarından məhrum olur və etnik-siyasi hüquqlarını itirmək təhlükəsi ilə üzlə­şirlər. Bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr ver­miş Azərbaycan xalqının bundan sonrakı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.

Tarixin gedişi və taleyin hökmü ilə dünyanın dörd bir ya­nına səpələnmiş soydaşlarımız ümummilli məqsədləri­mi­zin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının yekdilliyi­nin misilsiz əhəmiyyət daşıdığını bu gün daha dərindən dərk edirlər. Şübhə yoxdur ki, güclü və möhtəşəm Azərbaycan milli-mənəvi bütövlüyün sarsılmaz və möhkəm təməli üzə­rində yüksəlməlidir.

Heydər Əliyev yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü yüksəliş şəraitində qeyd edən Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsinin lider dövləti və bü­tün dünya azərbaycanlılarının qürur yeridir. Ölkə iqtisadiy­yatı dinamik inkişaf edir, əhalinin güzəranının daha da yax­şılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Hüquqi, demok­ratik, dünyəvi dövlət quruculuğu davam etdirilir, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır. Dövlətimizin təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr Azərbaycanın siyasi-iqtisadi sanbalını və nüfuzunu daha da artırır.

Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möh­kəm­ləndirməsindən, tarixdə ilk dəfə olaraq BMT Təhlükə­sizlik Şurasının qeyri-daimi üzvü seçilməsindən məm­nun­luq duyurlar. Onlar qazanılmış nailiyyətlərə sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günü də həsrətlə gözləyirlər. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soy­daş­larımızın doğma yurdlarına qaytarılması xalqımızın ümum­milli vəzifələrindən biridir. Müstəqil dövlətimizin in­ki­­şafı yolunda mövcud olan bu maneənin ara­dan qaldırılma­sına elliklə kömək göstərmək Yer kürə­sinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bü­tün azərbaycanlıla­rın Vətən qarşısında övladlıq bor­cudur.

Xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahə­sində də görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımı­zın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi.” (Alqışlar.)

Sədrlik edən. Hörmətli millət vəkilləri, artıq sizin alqış­larınız bu müraciəti təsdiq edir. Xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri   (saat 13.54 dəq.)

Lehinə  114

Əleyhinə   0

Bitərəf   0

Səs vermədi  0

İştirak edir   114

Nəticə: Qəbul edildi

 

Səsə qoyuldu, təsdiq olundu.

Hörmətli millət vəkilləri, bu gün payız sessiyasının son iclası idi. Payız sessiyasında 12 iclas keçirdik, 106 qanun və qərar qəbul etdik. Bu sessiya dövründə bizim xarici əlaqələrimiz daha da inkişaf etdi. Mən əminəm ki, qısa tətildən sonra biz yeni güclə yaz sessiyasında daha fəal işləməyə başlayacağıq. Çox sağ olun, payız sessiyasını bağlı elan edirəm.

 

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi