2012-ci il 1 fevral tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  32


Milli  Məclisin  iclas  salonu.
1  fevral  2012-ci  il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri 
O. Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.


Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Rövşən Həsənov, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Sinir xəstəlikləri kafedrasının professoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında.
4. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:
Oqtay Əsədov, Asəf Hacıyev, Əli Hüseynov, Ziyad Səmədzadə, Həvva Məmmədova, Eldar İbrahi¬mov, Cəmil Həsənli, Aydın Mirzəzadə, Elmira Axundova, Siyavuş Novruzov, Hadi Rəcəbli, Mirkazım Kazımov, Qənirə Paşayeva, Fərəc Quliyev, Etibar Hüseynov, Azər Badamov, Zahid Oruc, İqbal Ağazadə, Vahid Əhmədov, Jalə Əliyeva

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Zahid Oruc, Ziyafət Əsgərov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Jalə Əliyeva, Fərəc Quliyev, İqbal Ağazadə, Elmira Axundova, Siyavuş Novruzov, Vahid Əhmədov, Azay Quliyev, Fəzail Ağamalı, Əli Məsimli, Musa Quliyev, Əli Əhmədov, Astan Şahverdiyev, Qənirə Paşayeva

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.21 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 96
Nəticə: Qəbul edildi

5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Gülər Əhmədova

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.26 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–3-cü maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.34 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Təklif: 4–10-cu maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.35 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: 11–12-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.36 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.36 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

1 fevral 2012-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Milli Məclisin 2012-ci il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli millət vəkilləri, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 102
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli deputatlar, yaz sessiyasının açılışı münasibətilə sizi təbrik edirəm. Mən arzu edirəm ki, yaz sessiyasında da payız sessiyasındakı kimi və ondan da artıq uğurlarımız olsun. Bu sessiyada bizi gərgin iş gözləyir. Çox maraqlı və vacib qanun layihələrini müzakirə edəcəyik. Bundan başqa, biz Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında məsələyə baxacaq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini, hökumətin, Hesablama Palatasının, ombudsmanın hesabatlarını dinləyəcəyik. Ümumiyyətlə, sessiya gərgin və maraqlı olacaq. Mən bu sessiyada bizim hamımıza uğurlar arzu edirəm.
Gündəlik hamıya paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  108
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu.
İndi gündəliyin müzakirəsinə keçirik. Bilirəm, müzakirələr üçün çox darıxmısınız. Xahiş edirəm, müzakirələrə yazılın. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də sessiyanın başlanması münasibətilə hər bir deputatı təbrik edir və həmkarlarıma bu sessiyada yeni qanunların işlənib hazırlanması və seçicilərin etimadının doğruldulması işində müvəffəqiyyətlər arzulayıram.
Mən təqdim olunan gündəliyə səs verdim. Gündəlikdə olan məsələlər çox aktualdır. Burada hər bir qanun layihəsi barədə ətraflı məlumat öz əksini tapıb.
Lakin mən indi Azərbaycan cəmiyyətini narahat edən bir məsələ barədə fikrimi söyləmək istəyirəm. Bilirsiniz ki, Milli Məclis, onun komitələri, ayrı-ayrı üzvləri, eləcə də Yeni Azərbaycan Partiyası, partiyanın və onun gənclər birliyinin üzvləri tərəfindən, demək olar ki, hər bir senatora Fransa Respublikası Senatının qəbul etdiyi məlum qanunla bağlı kifayət qədər müraciətlər göndərilib və bu məsələyə dair bizim mövqeyimiz ortaya qoyulub. Lakin bəzi mətbuat orqanları bu gün yüksələn xətlə inkişaf edən Türkiyə–Azərbaycan münasibətlərinin üzərinə kölgə salmaqdan ötrü Azərbaycan parlamentinin, hökumətinin, dövlətinin və ayrı-ayrı siyasi xadimlərin, o cümlədən parlament üzvlərinin bu istiqamətdə guya kifayət qədər təsirli addımlar atmadığını yazır, ayrı-ayrı yerlərə bu barədə yanlış məlumatlar ötürürlər. Mən hesab edirəm ki, belə hərəkətlər yolverilməzdir və qətiyyətlə pislənməlidir. Bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalı, hər kəs öz şəxsi maraqlarına deyil, milli maraqlara uyğun hərəkət etməlidir. Burada hamı bir mövqedən çıxış etməli, eyni fikirləri irəli sürməlidir. Bu gün də Azərbaycan hökuməti, Azərbaycan iqtidarı, Azərbaycan parlamenti Türkiyənin yanındadır. Bu, təkcə Türkiyənin məsələsi deyil, həm də Azərbaycanın məsələsidir. Bu məsələni biz ciddi şəkildə nəzarətdə saxlayır və Türkiyəni ardıcıl surətdə dəstəkləyirik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Siz düzgün qeyd elədiniz, bu məsələ tək Türkiyənin məsələsi deyil, həm də Azərbaycanın məsələsidir. Biz bu məsələni müzakirə eləyəndə, müraciətlər qəbul eləyəndə, bunu, necə deyərlər, özümüzü göstərmək üçün eləməmişik. Bu bizim ürəyimizdən gəlib, içimizdən gəlib, eləmişik və eləyəcəyik. İndi, bildiyiniz kimi, artıq Fransa parlamentində 77 imza toplanıb, bu məsələ Fransanın Konstitusiya Məhkəməsinə verilib. Mən hesab edirəm ki, Türkiyə kimi biz də bu məsələdə bir az səbir eləməliyik. Səbir eləməliyik ki, görək Konstitusiya Məhkəməsinin qərarı necə olacaq. Amma Azərbaycan rəhbərliyi, hökuməti, parlamenti öz imkanları daxilində hər şeyə əl atdı, hər vasitədən istifadə etdi ki, Fransa Senatı tərəfindən o bədnam qanunun qəbul olunmasının qarşısı alınsın. Qənirə Paşayeva, buyurun.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də elə Siyavuş müəllimin qaldırdığı məsələyə toxunmaq istəyirəm. Azərbaycan hər zaman dost, qardaş Türkiyənin yanında olub və bu gün də yanındadır. Oqtay müəllim, Sizin də vurğuladığınız kimi, biz bunu minnət xatirinə etmirik. Bu məsələni öz məsələmiz kimi qəbul edərək həm parlament, həm Prezident Administrasiyası, həm də Xarici İşlər Nazirliyi səviyyəsində əlimizdən gələn işləri görürük ki, bu prosesin qarşısı alınsın.
Hörmətli Mehriban xanımın rəhbərliyi ilə Azərbaycan–Fransa parlamentlərarası dostluq qrupu tərəfindən də çox işlər görülüb. Sizin də vurğuladığınız kimi, artıq Senat üzvlərinin 77 imzası ilə Fransanın Konstitusiya Məhkəməsinə müraciət edilib və o qanunun ləğv olunması məsələsi gündəmdədir. Təbii ki, burada Azərbaycan parlamentinin, onun müvafiq parlamentlərarası dostluq qrupunun da rolu olub.
Azərbaycan bununla bağlı sərt sözlərini də deyib. Hətta biz Fransanın ATƏT-in Minsk qrupunda həmsədr kimi qalıb-qalmaması məsələsini də müzakirə edərək Senata çatdırmışıq ki, bu qanun qüvvəyə minərsə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri ola bilməz. Yəni bizim mövqeyimiz Fransaya ən sərt şəkildə çatdırılıb.
Çox təəssüf ki, bəzi qüvvələr Azərbaycan–Türkiyə münasibətlərini pozmaq istəyir. Azərbaycanın Türkiyəyə bu istiqamətdə böyük dəstək verməsi bəzi qüvvələri narahat edir və onlar hər vəchlə müəyyən məsələləri ortaya ataraq Azərbaycan–Türkiyə münasibətlərinə kölgə salmağa çalışırlar. Lakin onlar buna nail olmayacaqlar.
Hörmətli Sədr, bu ayın 26-sı Xocalı qətliamının XX ildönümüdür. Mən bununla bağlı bir təklif irəli sürmək istərdim. Azərbaycan–Türkiyə parlamentlərarası dostluq qrupu olaraq Xocalı soyqırımının XX ildönümündə dost, qardaş Türkiyə Parlamentinə Xocalı soyqırımının rəsmi şəkildə tanınması xahişi ilə müraciət edək. Məncə, biz bununla bütün dünyaya birlik və bərabərliyimizi nümayiş etdirməklə yanaşı, gerçək soyqırımını kimlərin törətdiyini də göstərə bilərik. Artıq parlamentin fəaliyyəti nəticəsində Meksikada belə bir təcrübəmiz var. İnanıram ki, dost, qardaş Türkiyə parlamenti də bunu müsbət dəyərləndirib bu istiqamətdə addımlar atar.
Eyni zamanda, Xocalı soyqırımının XX ildönümü ilə bağlı belə bir fikir səslənib ki, Türkiyədə, İstanbulda “hamımız xocalılıyıq, hamımız qarabağlıyıq” deyə, geniş bir mitinq-yürüş keçirilsin. Biz ümid edirik ki, bu çağırışı…
Sədrlik edən. Çox sağ olun. Dostluq qruplarımız var. Heç bir etirazımız yoxdur. Hesab edirəm, çox düzgün olar. Fərəc Quliyev, buyurun.
F.Quliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bu, Fransanın və bizə qarşı olan başqa dövlətlərin nə birinci, nə də axırıncı hərəkəti olacaq. Ona görə məsələlərə köklü yanaşmaq üçün bir neçə təklif irəli sürmək istəyirəm. Biri budur ki, Milli Məclis BMT-nin qəbul etdiyi 4 qətnamənin icrası məsələsi ilə bağlı ona bir müraciət qəbul eləsin. İkinci, Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü hüququndan istifadə eləsin və bu qurumun Ermənistan–Azərbaycan münaqişəsi haqqında qəbul etdiyi qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsini Ermənistan Respublikasından tələb etməsini də gündəmə gətirsin. Üçüncü, Milli Məclisdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı məlumatı dinlənilsin.
Milli Məclis Ermənistan–Azərbaycan münaqişəsində vasitəçilərin fəaliyyəti ilə bağlı xüsusi bir komissiya yaratsın və bu komissiya Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların gedişində yaranmış vəziyyətin, bütövlükdə Minsk qrupunun və ayrı-ayrılıqda vasitəçi dövlətlərin fəaliyyətinin nəticələrini araşdıraraq Minsk qrupunun nəticəsiz fəaliyyətinə Milli Məclisin obyektiv qiymət verməsi üçün xüsusi bir rəy hazırlasın. Komissiya danışıqlar prosesində ATƏT-in Minsk qrupunun informativ, yardımçı rolda, Avropa Birliyinin isə əsas rolda çıxış etməsi imkanlarını araşdırsın, aparılacaq danışıqlarda Avropa Birliyinin yeni vasitəçilik formatında təmsilçilik, eyni zamanda əldə olunacaq razılaşmaların beynəlxalq təminatçısı kimi iştirak etmək imkanlarını müəyyənləşdirsin və bu məqsədlə Avropa Birliyi ilə aktiv siyasi dialoq prosesinin başlanması prosedurunu həyata keçirsin.
Hörmətli Sədr, mən başqa bir məsələyə də toxunmaq istəyirəm. Bu, Avronest Parlament Assambleyasının Sosial mədəniyyət və təhsil komitəsinin iclası ilə bağlıdır. Bildiyiniz kimi, 2012-ci il fevralın 20-26-da Avronest Parlament Assambleyasının Sosial mədəniyyət və təhsil komitəsinin ilk iclası Ermənistanın paytaxtı Yerevanda keçiriləcək. Parlament Assambleyası artıq bu tədbirin proqram layihəsini hazırlayıb. Mən Avronest Parlament Assambleyasında bizim nümayəndə heyətinin bir üzvü kimi bu layihə ilə tanış oldum, gördüm ki, olduqca xətalı bir sənəddir. Birinci odur ki, həmin proqrama uydurma soyqırımı qurbanları abidəsinin və muzeyinin ziyarət olunması bəndi salınıb. İkinci isə proqram Avronest Parlament Assambleyasının Sosial mədəniyyət və təhsil komitəsinin məqsəd və vəzifələrinə deyil, tamamən Ermənistana həsr olunub. Mən ona görə təklif edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Avropa Parlamentinə iki ciddi məsələ ilə əlaqədar təcili şəkildə etiraz məktubu göndərilsin. Əgər bu iki bənd dəyişilməzsə, biz müvafiq qərarlar qəbul eləməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Milli Məclis heç bir qərar qəbul eləməli deyil. Avronest Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyəti var. İki aydan bir görüşlər keçirirsiniz. Bu istiqamətdə işinizi aparın. Orada komitə iclasıdır. Siz Avronestin bir üzvüsünüz, fikirlərinizi bildirin, yazın. Bilirsiniz ki, aprel ayının 3-də Avronestin növbəti iclası Azərbaycanda keçiriləcək. Bu, komitə iclasıdır. Ona görə bu işdə ikitərəfli işləmək lazımdır. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən gündəliyə daxil olan üçüncü məsələ, yəni 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında məsələ ilə bağlı münasibətimi bildirmək istəyirəm. Bildiyimiz kimi, bu il Azərbaycanda idman ili elan olunub. Bakıda il boyu bir sıra beynəlxalq yarışlar, hətta dünya çempionatı keçiriləcəkdir. Başlıcası isə may ayında biz Avrovizionu keçirməyə hazırlaşırıq. Lakin çox təəssüflər olsun ki, hələ də biz Bakı şəhərinin statusu haqqında qanun qəbul etməmişik.
Dünyanın bir çox ölkələrində, Amerikada, Avropada, Rusiyada ən iri şəhərlərin statusu və gerbi, himni, bayrağı vardır. Nə üçün biz də Bakının statusunu, himnini, gerbini, bayrağını qəbul eləyib təsdiq etməyək? Nə üçün bir sıra suvenirlər, bukletlər hazırlanıb bu il Bakıya gələcək on minlərlə qonaqlara xatirə olaraq paylanmasın? Bu baxımdan mən çox istərdim ki, yaxın günlərdə bu məsələni gündəliyə çıxarıb qəbul eləyək.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Bizdə “Soyadlar haqqında” Qanun qəbul olunduğuna baxmayaraq vəziyyət, demək olar ki, hələ sıfır nöqtəsindən tərpənməyib. Bakının statusu haqqında qanun yoxdur. Ancaq müxalifətdə olan bir sıra cənablar artıq ölkənin adının dəyişdirilməsi haqqında məsələ səsləndirir, təklif edirlər ki, Cənubi Azərbaycana görə ölkənin adı dəyişdirilib Şimali Azərbaycan Respublikası olsun. Amma bu məntiqlə yanaşsaq, gərək onu da nəzərə alaq ki, bizim eynən Dərbəndimiz, Borçalımız, Göyçəmiz də var və bunlar da ayrı-ayrı vaxtlarda bir sıra qətiyyətsiz rəhbərlərin rəsmi anlaşmasına görə verilib. Onda belə çıxır ki, biz Dərbəndə görə özümüzü Cənubi Azərbaycan, Göyçəyə, Borçalıya görə Şərqi Azərbaycan adlandırmalıyıq və sair. Mən elə bilirəm ki, bu çıxışlar şüarçılıqdan başqa bir şey deyildir. Ona görə də ilk növbədə təklif edərdim ki, Bakı şəhərinin statusu haqqında qanun qəbul olunsun. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli Etibar müəllim, əgər kim isə ölkənin adının dəyişdirilməsi barədə nə isə deyirsə, bu ancaq sözdür. Bakının statusu haqqında qanuna gəlincə, əgər bir təklif varsa, qanun layihəsi hazırlayın, göndərin, komissiyalarda baxılsın. Hazırlayın, təqdim eləyin. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən də Fransa Senatı tərəfindən erməni soyqırımı haqqında vətəndaşların söz azadlığını məhdudlaşdıran qeyri-demokratik qanunun qəbul edilməsinə öz etirazımı bildirmək istəyirəm. Erməni soyqırımını inkar edənlərə qarşı cinayət məsuliyyəti nəzərdə tutan belə bir qanunun qəbul edilməsi hər bir Azərbaycan vətəndaşının qəlbində qəzəb və narahatlıq hissləri oyatmışdır. Sarkozinin Cənubi Qafqaza səfəri zamanı Ermənistanda iki gün qalaraq yalançı soyqırımı qurbanları abidəsinə əklil qoyub onların xatirəsini yad etməsi, Azərbaycanda isə cəmi bir neçə saat qalması onun qeyri-obyektivliyinin aşkar təzahürü idi. Bu qanun layihəsinin Sarkozinin təmsil etdiyi partiyanın 40 deputatı tərəfindən təqdim olunması və üstündən yüz ilə yaxın vaxt ötmüş tam bəlli olmayan bir hadisənin saxtalaşdırılaraq soyqırımı kimi tanınması dünyada fərqli yanaşmaların olduğunu bir daha göstərdi.
Mən üzümü Fransa hakimiyyətinə tutub deyirəm, əgər siz, həqiqətən, insan haqlarının və demokratiyanın müdafiəçisi olmaq istəyirsinizsə, bundan ötrü uzaq keçmişə qayıtmağa, tarixi hadisələri təhrif edən uydurmalar əsasında qərəzli qanunlar qəbul etməyə ehtiyac yoxdur. Bu gün milyonlarla canlı şahidi olan və hər zaman insanların gözləri qarşısında canlanaraq ürək ağrısı doğuran Xocalı qətliamının tanınması Fransa üçün daha şərəfli iş olardı. Çünki əsil soyqırımı Xocalıda olmuşdur. 1992-ci ildə məhz Xocalıda ermənilər tərəfindən kütləvi təmizləmə siyasəti həyata keçirilmişdir.
Sarkozi və onun tərəfdarlarının təkidi ilə qəbul olunan qanun Türkiyəyə, eləcə də Azərbaycana düşmən münasibətin ifadəsi, Fransa prezidentinin hakimiyyətə gəldiyi gündən həyata keçirdiyi antitürk siyasətinin nəticəsidir. Ola bilər, Fransa dövləti erməni soyqırımını tanımayan vətəndaşları 45 min avro cərimələməklə Fransada dərinləşən iqtisadi böhranı vətəndaşların hesabına aradan qaldırmaq istəyir. Amma mən düşünürəm ki, Senatda belə bir qanunun qəbul olunması Fransada fikir və söz azadlığına qarşı yönələrək demokratiyanın kobud şəkildə tapdalandığını göstərir. İnanıram ki, bu qanunun tətbiqi Fransada kütləvi narazılığa gətirib çıxaracaqdır.
Mən Türkiyə parlamentinə təklif edirəm ki, Fransanın erməni soyqırımı haqqında qanun qəbul etməsinə adekvat addım olaraq Xocalıda azərbaycanlıların soyqırımı haqqında qanun qəbul eləsin. Biz, Azərbaycan–Türkiyə bir millət, iki dövlət olaraq qüvvələrimizi birləşdirib erməni millətçilərinə qarşı mübarizəni daha da gücləndirməliyik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mən 10 ildən çoxdur, millət vəkiliyəm. İlk dəfədir, görürəm ki, Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Milli Məclisin iclasında iştirak edirlər. Mən sizin hamınızın adından onları səmimi salamlayır və Milli Məclisə xoş gəldiniz deyirəm! ( Alqışlar.)
Sədrlik edən
. Zahid Oruc.
Z.Oruc. Cənab Sədr, hörmətli həmkarlar! Mənim birinci təklifim ATƏT-in Minsk qrupunun fəaliyyətinin tənzimlənməsi ilə bağlı olacaqdır. 1992-ci ildə yaradılmış bu qurum 8 üzvün müşahidəçiliyi, 3 dövlətin dominantlığı ilə fəaliyyət göstərməkdədir. Ötən dövr ərzində həm dövlət rəhbərliyi səviyyəsində, həm də parlament müstəvisində bu qurumun fəaliyyəti ciddi tənqid və ittiham olunmuşdur. Bəllidir ki, Azərbaycan o zaman bu problemin həllini asanlaşdırmaq üçün onun beynəlxalq müstəviyə çıxarılmasına çalışırdı. Lakin bəlli oldu ki, elə ATƏT-in Minsk qrupunun özü Qarabağ probleminin yaradıcısıdır və faktiki olaraq Qarabağ problemi onların arasındakı güc nisbəti vəziyyətindən asılı bir duruma düşmüşdür.
Azərbaycan xalqı bu qurumun özünə və onun üzvü olan ayrı-ayrı dövlətlərə yönəlik ittihamlarında bulunarkən parlamentdən suallar edir, siz o dövlətlərin fəaliyyətini necə inkar edəcəksiniz, necə neytrallaşdıracaqsınız? Onlardan hansısa birinin fəaliyyəti qanunsuz və Azərbaycan maraqlarına zidd olacaqsa, onu necə kənarlaşdıracaqsınız?
Cənab Sədr, Sizin spiker olaraq bugünkü bəyanatınız bu gün parlamenti bəlkə də Fransaya yönəlik hansısa ittihamlardan, iddialardan daşındırır. Çünki bəllidir ki, Siz də bu dövlətin bu məsələlərlə bağlı siyasətini bilirsiniz. Bu siyasi kurs bu gün Türkiyə ilə sinxronlaşdırılmış qaydada həyata keçirilir ki, bu da siyasətdə yol verilən normal bir haldır. Lakin günün birində biz özümüz siyasəti müəyyənləşdirmək və hansısa dövlətlərin parlamentlərindən qərarlar gözləmədən özümüz bu yöndə addım atmaq istəsək, bunun hüquqi forması necə olacaqdır? Ona görə də ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən bir hüquqi müstəvi olmalıdır. Belə bir qanunvericilik aktı yoxdur. İndiyə qədər bu məsələ yalnız 1992-ci ildə BMT-nin verdiyi mandatla tənzimlənir. Mən çox arzulayıram ki, biz bu prosesi hüquqi müstəviyə keçirək, dövlət başçısına və parlamentə bu məsələdə müstəsna səlahiyyətlər verilsin ki, kim isə sual etməsin, biz nə etməliyik, BMT-yə, yoxsa ATƏT rəhbərliyinə müraciət etməliyik.
İkinci, hörmətli həmkarlarım, mən Siyavuş Novruzovun və Qənirə xanım Paşayevanın təkliflərini bölüşürəm. Ermənilər saxta soyqırımından bir dövlət quruculuğu aləti düzəldiblər. Lakin biz real soyqırımını tanıtmaq və bundan Qarabağ prosesinin həlli üçün istifadə etmək naminə buna hazırlaşmalıyıq. Nə yaxşı ki, Meksika parlamenti artıq bunu bir soyqırımı aktı kimi tanıyıbdır. Ayrı-ayrı qurumlar da tanıyıblar. Ermənilər də vaxtilə Latın Amerikasından başlamışdılar. Biz bu yolu indi keçməyə başlayırıq. Parlament buna yönəlik bir dövlət siyasətini həyata keçirmək üçün addımlar atmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibətilə hamıya uğurlu fəaliyyət və can sağlığı arzulayıram. Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında danışarkən təklif edəcəyim qanun layihələri ilə bağlı mövqeyimi bildirəcəyəm.
Bu gün 3 məsələ ilə bağlı mövqeyimi ifadə etmək istəyirəm. Bunlardan birincisi bu gün Azərbaycanda söz və mətbuat azadlığı və kütləvi informasiya vasitələrində yaranan problemlərlə bağlıdır. Bilirsiniz ki, qəzet satışının böyük əksəriyyəti əldə yayımla həyata keçirilir. Təəssüflər olsun ki, son dövrlərdə Bakı Şəhər İcra Hakimiyyəti qəzetlərə, xüsusən “Yeni Müsavat”a və digər qəzetlərə bununla bağlı ciddi problemlər yaradır. Üstəlik, məhkəmə çəkişmələri də “Yeni Müsavat” qəzetini çox ciddi şəkildə basqı altında saxlayır. Hesab edirəm ki, dövlət və hökumət nümayəndələri və o cümlədən Bakı Şəhər İcra Hakimiyyəti azad sözün müdafiəsi və onun təbliğ olunması üçün ciddi imkanlar açmalı, daha ona maneələr yaratmamalıdır.
İkinci məsələ. Siyasi məhbuslar haqqında fikrimi bildirmək istəyirəm. Mən bundan əvvəl də dəfələrlə qeyd etmişəm ki, 2 aprel aksiyasında Arif Hacılı başda olmaqla həbs olunan məhbusların, o cümlədən Bəxtiyar Hacıyevin çox qısa zamanda həbsdən azad olunması üçün Milli Məclis ya amnistiya təşəbbüsü ilə çıxış etməli, ya da cənab Prezidentə əfvlə bağlı xahişlə müraciət etməlidir ki, bu məsələ reallaşsın. Çünki qarşıdan Azərbaycanın Avroviziya təşkilatçılığı da gəlir. Azad musiqi və azad söz məsələsinə, bilirsiniz ki, dünyanın yanaşması başqadır. Təbii ki, bu ittihamlardan Azərbaycanı qurtarmaq lazımdır.
Toxunmaq istədiyim üçüncü məsələ Beynəlxalq Universitet adlı bir ali məktəbin bağlanması və onun tələbələrinin bu gün çox pis, acınacaqlı durumla üzləşməsidir. Burada tələbələr uzun illər – 4 il, 5 il təhsil alıb, dövlətə pul ödəyiblər. Təhsil Nazirliyinin bundan xəbəri olub. Bir gün Beynəlxalq Universitet hansısa əməllər nəticəsində bağlanıb. İndi dövlət, Təhsil Nazirliyi bu tələbələrin heç birinə sahib çıxmır. Tələbə əgər neçə il pul ödəyib, burada təhsil alıbsa və dövlətin müxtəlif strukturları bu universitetin qanuni olması və yaxud onun fəaliyyəti ilə bağlı hər hansı bir addım atmayıbsa, Təhsil Nazirliyi bu tələbələrin bu gün özəl və ya başqa universitetlərə köçürülməsini təmin etməli, təhsilini başa vuranlara isə mütləq diplom verməlidir. Çünki bu çox ciddi məsələdir. Mindən çox tələbə bu gün bu problemdən əziyyət çəkir. Ona görə çox xahiş edərdim ki, Milli Məclis səlahiyyətli dövlət qurumlarına, xüsusən Təhsil Nazirliyinə bununla bağlı bir məktubla müraciət etsin. Şəxsən mən müraciət etmişəm, amma cavab yoxdur. Milli Məclis müraciət etsin və bu məsələlər ciddi şəkildə mərkəzləşdirilmiş qaydada həll olunsun. Çox sağ olun.
Sədrlik edən. Bu məsələni bir də araşdırarıq, amma məndə olan məlumata görə, Beynəlxalq Universitetin o tələbələri ki sənədləri qaydasındadır, artıq bir çox universitetlərə bölüşdürülüblər. O tələbələr ki sənədlərinin kökü yoxdur və ona görə də tələbə sayılmırlar, hazırda onların məsələləri araşdırılır. Yəni demək olmaz ki, kim isə diqqətdən kənarda qalıb. Elə söhbət yoxdur, onların çoxunu artıq yerləşdiriblər. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli mətbuat! Burada həmkarlarımın artıq qeyd elədiyi kimi, son zamanlar istər Azərbaycanda, istərsə də Türkiyədə dövri mətbuatda Azərbaycan–Türkiyə münasibətlərinə xələl gətirən bir sıra materiallar çap olunur. Bu materialların hansı mənbələrdən qidalandığı hiss olunur. Görünür, Azərbaycanın və Türkiyənin bölgədə mövqeyinin möhkəmlənməsi, iqtisadi cəhətdən güclənməsi, yaxınlaşması bir sıra dövlətlərə sərf eləmir. Ona görə də bu münasibətləri korlamaq istəyirlər. Mən çox təəssüf edirəm ki, Azərbaycanda buna xidmət edən insanlar tapılır və onlar dövri mətbuatda mütəmadi olaraq Türkiyə əleyhinə yazılar çap etdirirlər. Əlbəttə, Türkiyədə də belə yazıların dərc olunması təəssüf doğurur.
Mən belə hesab edirəm ki, bu 20 illik müstəqillik dövründə Azərbaycanı beynəlxalq aləmdə ardıcıl surətdə müdafiə edən yeganə dövlətin Türkiyə olduğunu heç vaxt unutmaq olmaz. Mənim yadıma gəlir, 1992-ci ildə biz Pakistana getmək istəyirdik ki, orada Azərbaycanın müstəqilliyini tanıdaq. Getməyə imkanımız yox idi. Bu imkanı bizə Türkiyə yaratdı. Biz Pakistana gedib Azərbaycanın müstəqilliyini tanıtdırdıq və geri qayıtdıq. Yəni bütün ağır vaxtlarda Türkiyə həmişə Azərbaycanın yanında olub. Bunu heç vaxt yaddan çıxarmaq olmaz.
İkinci məsələ. Azərbaycan dövlətinin rəhbərləri, o cümlədən Milli Məclisin Sədri cənab Oqtay Əsədov, eləcə də parlamentin bütün üzvləri Fransa Senatının qəbul etdiyi məlum qanunla əlaqədar öz mövqelərini bildiriblər. Yəni Azərbaycan bu məsələdə həmişə Türkiyənin yanında olub.
Təəssüflər olsun ki, Fransa kimi bir demokratik dövlətdə belə qeyri-demokratik qanunlar qəbul edilir. Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və məntiqə görə Dağlıq Qarabağ məsələsində obyektiv olmalı, bizim mövqeyimizi müdafiə etməlidir. Lakin bundan sonra necə gözləmək olar ki, Fransa bu işdə Azərbaycanın mövqeyini müdafiə edəcək? Bu müdafiəni heç vaxt gözləmək lazım deyil.
Bayaq Oqtay müəllim dedi ki, Konstitusiya Məhkəməsinin qərarını gözləyək və sair. Bilirsiniz, bunların hamısını gözləmək, əlbəttə, yaxşı şeydir. Amma biz gözləyə-gözləyə çox şeyləri uduzuruq. Mənə elə gəlir ki, ümumiyyətlə, Fransanın həmsədrlik məsələsini Milli Məclisdə qoymaq, Fransanı həmsədrlikdən kənarlaşdırmağın hüquqi bazasını axtarıb tapmaq lazımdır. Bunun ikinci bir yolu yoxdur. Fransa erməni lobbisinə və Ermənistana xüsusi diqqət göstərən bir dövlətdir. O diqqəti Fransanın prezidenti də açıq-aşkar göstərir. Bu, gizlin deyil. Bu məsələ çox ciddi olduğu üçün mən təklif edirəm ki, Fransanın həmsədrlik məsələsi Milli Məclisdə müzakirə olunsun. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Çox sağ olun. Mən də yaz sessiyasının başlanması münasibətilə hər bir həmkarımı təbrik edirəm. Cənab Sədr, son bir həftə ərzində bütün dünya gündəmini tutan Fransa Senatının qərarı ilə bağlı rəsmi Azərbaycan – ölkə Prezidenti, ayrı-ayrı millət vəkilləri, ayrı-ayrı qurumlar öz qəti etirazlarını dəfələrlə bildiriblər. Tətildən sonra ilk iş günündə Azərbaycan parlamentində də bu məsələyə geniş yer ayrılması çox təbiidir. Məlumdur ki, son qərarı Fransanın Konstitusiya Məhkəməsi verəcək. Biz bu qərarı gözləyirik. Bu gün hər bir sağlam düşüncəli insan rəsmi Fransanın belə bir bədnam qanunun qüvvəyə minməsinə mane olacağını və bu ləkənin altına imza atmayacağını düşünür.
Bəlkə də əslində bu məsələ haqqında danışmaq artıq kifayətdir. Amma mən iclasda Avropa Şurasının həmməruzəçilərinin iştirak etməsindən istifadə edərək, bu fürsəti dəyərləndirərək bir daha bu məsələyə qayıtmaq istəyirəm. Bu qanun Qafqazda düşmənçiliyin və qarşıdurmanın gücləndirilməsinə xidmət edir. Bu qanunun qəbulu bütün beynəlxalq qaydalara ziddir. Çünki Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi Konvensiyaya uyğun olaraq bu tip məsələlər yalnız xüsusi status daşıyan məhkəmələrdə müzakirə və qəbul edilə bilər. Məsələn, İkinci dünya müharibəsində yəhudi soyqırımı ilə bağlı Nürenberq məhkəməsini, Yuqoslaviyadakı hərbi cinayətlərlə bağlı Haaqa məhkəməsini misal gətirə bilərik.
Bu qanunun qəbul edilməsi ilə Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyasını, demək olar ki, başa vurub. Fransa vasitəçi kimi ona verilən mandat üzərindəki hüquqi və mənəvi haqqını itirib. Senatın qərarı Fransa Konstitusiyası ilə də birbaşa ziddir. Düşünürük ki, Fransa ölkə daxilində öz qanunlarının aliliyini təmin edə bilmirsə, beynəlxalq tərəfdaş kimi öz legitimliyini zərbə altında qoyur. İnanırıq ki, Fransa rəsmiləri bunu düşünəcək və öz ölkəsinin siyasi, hüquqi, əxlaqi dəyərlər kodeksinə bu ləkənin yazılmaması üçün bütün imkanlarını səfərbər edəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. 35 dəqiqədir müzakirə edirik. Fransa Senatının qaldırdığı məsələ, bilirəm, hamımızın ürəyinə dəyib, hamımızın heysiyyətinə toxunub. Minsk qrupunda Fransanın həmsədrliyi məsələsinə gəlincə, o, həqiqətən, mənəvi haqqını itirib, amma hələlik hüquqi haqqını itirməyib. Biz hələ araşdırmalıyıq ki, görək onu həmsədrlikdən kənarlaşdırmağın hüquqi forması necədir. Yəni bu bizim istəyimizlə başa gələn bir məsələ deyil. Bu araşdırılmalıdır.
Azərbaycan həm özünün, həm də Türkiyənin mənafeyi üçün mümkün olan hər bir vasitədən, hər bir yoldan istifadə edəcəkdir. Bu məsələlər gündəmdədir, bir az səbirli olmaq lazımdır. Sizə bir misal çəkim. İndi Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri burada əyləşiblər. Avropa Şurası Parlament Assambleyasının yeni seçilmiş prezidenti cənab Minyon bu qanunun əleyhinə hazırlanan petisiyaya qol çəkib. Yəni bu bütün fransızlar, bütün siyasətçilər demək deyil. Ona görə bir az səbir etməliyik.
İndi xahiş edirəm, gündəliyə keçək. Azərbaycan Respublikası Milli Məclisi İntizam Komissiyasının yenidən təşkil edilməsi haqqında. Gündəlik sizin hamınıza paylanıb. Əlavə bir təklif yoxdur? Onda xahiş edirəm, gündəliyin birinci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında. Tərkib sizə verilib, gündəlikdə var. Əgər başqa bir təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.39 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəliyin üçüncü məsələsi 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında qanun layihəsidir. Bildiyiniz kimi, Azərbaycan Respublikası Olimpiya Komitəsinə 2020-ci il Yay Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi barəsində müraciət edib. Mövcud qaydaya görə, bu məsələni həm də Azərbaycan Milli Məclisi dəstəkləməlidir. Qərar layihəsi sizin hamınıza paylanıb. Əgər başqa bir təklif yoxdursa, xahiş edirəm, bu qərar layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qərar qəbul edildi. Sizin adınızdan bu qərarı imzalayıb Olimpiya Komitəsinə göndərəcəyik.
Gündəliyin növbəti məsələsi Milli Məclisin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Müzakirəyə ehtiyac var? Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Məclis üzvləri, bu parlamentdə yaranmış ənənəyə uyğun olaraq hər sessiyanın ilk iclasında parlament üzvləri qanunvericilik təşəbbüsü və ya müxtəlif xarakterli təkliflərlə çıxış edirlər. Mən də o ənənəni davam etdirərək bir neçə təklifdə bulunmaq istəyirəm.
Cənab Sədr, 1994-cü ildən başlayaraq Azərbaycan və NATO arasında münasibətlər bir əməli, hüquqi müstəviyə keçibdir. Düşünürəm ki, ötən dövr ərzində Azərbaycan–NATO münasibətləri müəyyən fazalardan, mərhələlərdən keçib. Heç şübhəsiz ki, bu Avroatlantik məkana inteqrasiya Azərbaycanın hərbi və siyasi maraqlarına uyğun olduğundan biz bu yolu tutmuşuq. Nəzərə alın ki, ulu öndərin ölkəyə rəhbərlik etdiyi ən ağır dövrlərdə, regionda geosiyasətin ən mürəkkəb şəraitində Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyev NATO ilə münasibətlər qurmaq qərarını vermişdi. Bunun üstündən artıq 17 ilə yaxın bir zaman keçibdir. Azərbaycanla NATO arasında münasibətlərin artıq üçüncü fazası başlanıbdır. Mən elə hesab edirəm ki, Milli Məclisdə NATO–Azərbaycan münasibətlərində bu fazanın tələblərinə dair dinləmələrin keçirilməsi çox yaxşı olardı.
Yeri gəlmişkən, parlament özünün bu səlahiyyətindən, demək olar ki, istifadə eləmir. Halbuki, məsələn, qonşu Rusiyanın praktikasında parlament saatı, dinləmələr saatı və sair geniş yayılmış bir praktikadır. Bu bizim qanunlarda da yerini tapıbdır. Məncə, bu dinləmələr həm dövlətin siyasətini, parlamentin baxışını cəmiyyətə təqdim edər, həm də NATO–Azərbaycan münasibətlərinə müsbət təsir göstərər.
İkinci, Qarabağ icması ilə bağlı bir təklifdə bulunmaq istəyirəm. Ola bilər ki, buna qarşı fərqli fikirlər, fərqli mövqelər də olsun. Lakin mən hesab edirəm, bunun üzərində düşünməyə dəyər. Keçmiş dövrdə Azərbaycan Qarabağ icması ilə danışıqlardan bəlli səbəblərə görə imtina edirdi. Bunun başlıca səbəbi Ermənistanın bu vasitə ilə müharibəni guya Qarabağ ermənilərinin apardığını göstərmək, onları beynəlxalq hüquq subyekti kimi təqdim etmək cəhdləri idi. İndiki dönəmdə şərtlər, şərait başqadır. Bir tərəfdən Azərbaycanın daxilində parametrlər, iqtisadi, sosial, siyasi şərait dəyişibdir. Digər tərəfdən isə, indi artıq ermənilər düşünməyə başlayıblar ki, 1992-ci ildə – ATƏT-in Minsk qrupunun yaradıldığı dövrdə Qarabağ icmasına onsuz da maraqlı tərəf səlahiyyəti, statusu verilib. Ona görə Qarabağ icması ilə danışıqların olması bu yaxınlarda Soçi görüşündə cənab Prezidentin də imzaladığı sənəddə bir daha ifadəsini tapıbdır.
Mən çox arzulayıram ki, parlament Qarabağ ermənilərinə müraciət etsin. Ola bilər, heç kimi inandırmaq mümkün olmasın ki, onlar bu danışıqlara gələcəklər. Başlıcası, biz dünyaya göstərmək istəyirik ki, Ermənistan bu prosesdən kənara çəkilsə, separatizmə yuvarlanmış, ərazi işğalına, təcavüzə qoşulmuş bu etnik zümrəni Azərbaycan qanunlarına və Konstitusiyasına gətirmək üçün tərəfimizdən bütün addımlar atılacaqdır. Bu iddiamızın ciddiliyi büdcədə Qarabağın maliyyələşməsi ilə bağlı maddələrin müəyyənləşməsində özünü daha bariz şəkildə göstərə bilər. Bu danışıqların olması həm də, belə demək mümkündürsə, Qarabağ ermənilərinin müəyyən bir səviyyədə Ermənistandan ayrılmağına aparıb çıxara bilər.
Mən hər zaman düşünmüşəm ki, Qarabağ məsələsinin həlli yollarından biri Rusiyanın Çeçenistana yönəlik siyasətinin təkrarlanmasıdır. Çox az ağla batır ki, indi Qarabağ ermənilərinin şərti ilə Kadırov kimi insanlar tapılsın və Azərbaycan onlarla müştərək işləyib Qarabağ ermənilərini Azərbaycanın tərkibində yaşamaqdan başqa alternativin olmadığına inandırsın. Buna baxmayaraq, cəhd etməyə dəyər. Mənim ikinci təklifim bununla bağlıdır.
 Üçüncü, burada hər kəs artıq onun əyani şahidi oldu ki, dünyamız real olmaqdan daha çox virtual xarakter daşımaqdadır. Bu virtual aləmin də öz şərtləri, öz təhlükəsizlik parametrləri var. Bir neçə gün öncə Azərbaycanın informasiya saytlarına İran tərəfindən təcavüz edilmişdir. Hörmətli Əli Abbasov informasiya texnologiyaları naziri olaraq bunu bəyan etdi. Mən ona görə rəsmi olaraq ona istinad edə bilərəm.
Bu gün kiber terrorizm dünyanı başlıca olaraq təhdid edən problemlərdən biridir. Bir müddət öncə biz, bir neçə parlament üzvü və Azərbaycanın kəşfiyyat strukturlarının təmsilçiləri Böyük Britaniyada bu məsələ ilə bağlı tədbirdə iştirak edərkən onun bir daha şahidi olduq ki, bu problem dünyanın çox ölkələrini düşündürən, təhdid edən bir məsələdir.
Azərbaycanın virtual məkanına – mühüm saytlara, qurumlara, ünvanlara təcavüz edilmiş oldu. Bu cür bir cinayətə əl atıb ölkədə problemlər yaratmaq, gərginlik doğurmaq, şübhəsiz ki, xüsusi məqsədlərə xidmət edir. Ona görə kiber cinayətlərə qarşı mübarizə haqqında bir qanunun olması çox yerində olardı. Bu öz-özlüyündə imkan verərdi ki, bununla bağlı məsələlər təkcə rəsmi bir qurumun bəyanatı ilə məhdudlaşmasın, həm də ölkə daxilində bunda bulunacaq qüvvələrə qarşı real hüquqi addımlar atmaq mümkün olsun. Yəni kiber cinayətin ictimai həyatımızda olan başqa cinayətlərdən elə bir fərqi yoxdur. Bəzən bu daha amansızdır. Dünyada bank sektoruna, dövlət strukturlarına daxil olaraq məxfi informasiyanın ələ keçirilməsi də nüvə silahının sızması qədər böyük təhlükədir. İnformasiya orqanları, dövlət qurumları qorunmalı, onların etibarlı mühafizə sistemi olmalıdır. Belə bir qanuna ehtiyac var.
Nəhayət, nə qədər qəribə səslənsə də, indi deyəcəklərimi mən qəsdən ilkin təklif kimi söyləməmişdim. Amma çox istəyirəm ki, bu bizim parlamentdə deyilsin. Onu da bəri başdan göz altına almaqdayam ki, buna qarşı çıxanlar çox olacaqdır.
Parlament tətili olduğu dövrdə İranın Azərbaycana yönəlik əməlləri bu dediyimiz hücumlarla məhdudlaşmırdı, daha başqa xarakter daşımağa başlamışdı. Ona görə mən dünyanın İranla münasibətlərinin kəskinləşdiyi dövrdə kimin necə qarşılamasından asılı olmayaraq bir təkliflə çıxış etmək istəyirəm.
Mən düşünürəm ki, Avropa Birliyinin İrana qarşı sanksiya rejiminə Azərbaycan da qoşulmalıdır. Azərbaycanın İranla ticarət münasibətləri xüsusi bir faiz təşkil etmir. İran–Azərbaycan əlaqələrinin dayandırılması Azərbaycana xüsusi bəlalar və ziyanlar gətirməyəcəkdir. Mən bunu nə populizm olaraq söyləyirəm, nə dəbpərəstliyimdən irəli gəlir, nə də Amerika sevgimdən doğur. İranın bütün siyasəti təkcə nüvə silahı əldə etmək cəhdləri deyil, bölgədəki bütün davranışları bizim maraqlarımızı təhdid edir. Ona görə mən çox istəyirəm, parlament bu məsələni bəyan etməklə, ən azı bir millət vəkilinin bu fikri, bu təklifi Milli Məclisdə səsləndirməsi ilə İran siyasilərinə və onun dini və siyasi rəhbərliyinə çatdırsın ki, Azərbaycan İranla iqtisadi, ticarət münasibətlərini dayandıra bilər. 1990-cı illərin ortaları deyil ki, bununla bizə dəyə biləcək böyük bir ziyandan, siyasi zərbədən çox narahat olaq.
Mən düşünürəm ki, parlament üzvləri bir adamın 7 – 8 dəqiqədən artıq çəkən çıxışını dinləməyə hazır deyillər. Əminəm ki, qarşıdakı sessiyada bu və buna bənzər təkliflərlə Milli Məclisin işi daha məhsuldar və bütövlükdə millətimizin xeyrinə olacaq. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Təşəkkür edirəm, Zahid müəllim. Yaxşı nümunə verdiniz. Elə mən də təklif etmək istəyirəm, bəlkə 5 dəqiqəyə keçək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqəyə keçək, ya 10 dəqiqə qalsın?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, aydındır. Məlahət İbrahimqızı sual vermək istəyir. Buyursun.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Mən də həmkarlarımı yaz sessiyasının başlanması münasibətilə təbrik edir, onlara uğurlar arzulayıram. Mənim qısaca iki təklifim var. Birincisi, neçə gündür, mətbuatdan oxuyuruq ki, Meksika parlamentində Xocalı soyqırımı rəsmən tanınmışdır. Parlament adından Meksika parlamentinə bir minnətdarlıq, təşəkkür məktubu yazmağı təklif edərdim.
İkincisi, burada Avropa Şurasının nümayəndələri iştirak edirlər. Onların simasında AŞPA-ya Fransa Senatının qondarma erməni soyqırımını dəstəkləyən qanununa qarşı çıxıb ədalətli mövqe sərgilədiyinə görə təşəkkürümüzü çatdırmaq istərdim. Avropa Şurası Parlament Assambleyasının rəhbəri də milliyyətcə fransız olmasına baxmayaraq, çox ədalətli bir mövqe nümayiş etdirmişdir. Ona da təşəkkürümüzü bildiririk.
Ziyafət müəllim, məndə Fransa Senatının o qanuna səs vermiş deputatlarının siyahısı var. Mən təklif edərdim, biz o siyahını Xarici İşlər Nazirliyinə təqdim edək və ermənilərin soyqırımı yalanlarına səs vermiş həmin deputatların Azərbaycana gəlməsinə qadağa qoyaq. Çox sağ olun.
Sədrlik edən. Siz istəyirsiniz ki, biz də Fransa kimi qeyri-demokratik yolla gedək? Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bir neçə dəqiqə öncə mən elə yanımda əyləşmiş hörmətli İlyas müəllimə onu deyirdim ki, nə yaxşı, mənim familiyam tabloda göründükdə Ziyafət müəllim vaxtı 5 dəqiqəyə endirmədi. Məncə, bəzi məsələlərdə imkan yaratmaq lazımdır ki, millət vəkilləri fikirlərini, xüsusilə qanunvericilik işləri planı ilə bağlı mülahizələrini söyləsinlər.
Birinci, mən 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunları haqqında Milli Məclisin bayaq qəbul etdiyi qərarla bağlı çıxışa yazılmışdım, amma mənə söz verilmədi. Hər halda o qərarla bağlı bir fikrimi diqqətinizə çatdırmaq istəyirəm. Bu qərarda biz yazırıq ki, Milli Məclis filana əsasən qərara alır. Sonra 1-ci və 2-ci bəndlərin sonluqlarını “dəstəkləyir” və “hazır olduğunu bildirir” sözləri ilə qurtarırıq. Qərar hüquqi sənəddirsə, qətiyyət ifadə etməlidir. Ona görə də həmin bəndlər “dəstəkləsin”, yaxud “hazır olduğu bildirilsin” sözləri ilə qurtarsaydı, məncə, hüquqi cəhətdən daha doğru olardı. Bu, texniki qeydim.
Qanunvericilik işləri planı barədə. Mən hər dəfə bu planla tanış olanda o qənaətə gəlirəm ki, burada qəbul olunma ehtimalı minimum olan qanunlar təkrar yer alır. Məsələn, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinın layihəsi, Bələdiyyələrin hesabatları haqqında qanun layihəsi. Açığı, mən inanmıram ki, biz bu qanunları Milli Məclisdə istədiyimiz şəkildə qəbul edə bilək. Çünki maraqlı tərəflər o qədərdir ki... Şəhər artıq salınıb, hər kəs şəhəri istədiyi kimi hasarlayıb, özünə istədiyi yeri götürüb. Bunun hər hansı bir şəkildə qanunla tənzimlənməsində, hüquqların dəyişməsində heç kim maraqlı deyil.
Hər dəfə qanunvericilik işləri planına daxil edilən qanun layihələrindən biri də Rəqabət Məcəlləsidir. Ölkədə hansı rəqabətdən söhbət gedir? Hər kəs bilir ki, kim harada alır, harada verir. Ona görə də indi Rəqabət Məcəlləsinin qəbul olunmasını gözləməyə dəyməz. Hər dəfə onu iş planına salmağa nə ehtiyac var? Məncə, bu məsələləri artıq kənara qoyub, nəyi qəbul edəcəyiksə onları gündəmə gətirməyimiz daha yerində olar. Məsələn, mən bu qanunvericilik işləri planına Pasiyentin hüquqlarının müdafiəsi haqqında qanun layihəsinin salınmasını müsbət hal hesab edirəm. Hesab edirəm ki, bura bir də əlavə etməliyik, qanun real ictimai münasibətləri tənzimləyir.
Son vaxtlar körpə uşaqların küçəyə atılması ilə bağlı ciddi problemlər üzə çıxmaqdadır. Bununla bağlı müəyyən qanun layihəsinin hazırlanmasına ehtiyac var. Bizim müvafiq komitələr bu barədə düşünməlidir. Əlbəttə, biz hansısa valideynin bu cür qeyri-humanist hərəkətini qəbuledilməz hal kimi qiymətləndirə bilərik. Amma küçəyə atılmış uşağın sağlamlığı dövlət üçün mühüm məsələ olmalıdır. Onun qorunması istiqamətində, məncə, yaz sessiyasında müəyyən addımların atılması vacibdir.
Diffamasiya haqqında qanun bu dəfə də plana salınmayıb. Təbii ki, burada narahatçılıqları başa düşmək olar. Məncə, bu qanunun da qəbul olunmasına ehtiyac var. Əlbəttə, mən başa düşürəm ki, mətbuat da müəyyən problemlərdən xali deyil.
Mən də o təkliflərlə razıyam ki, mətbuatın yayımı ilə bağlı qadağalar götürülməlidir. “Yeni Müsavat” qəzetinə 1 milyon, 2 milyon manat məbləğində hansısa cəriməmi, iddiamı, tələbmi qoymaq olar? Bu, simvolik olsa, yenə başa düşmək olar ki, hansısa böhtana, təhqirə görə təzminatdır. Amma bu qədər məbləğ... Ölkənin əldə etdiyi ciddi nailiyyətlərdən biri mətbuat azadlığı istiqamətində nailiyyətlərdir. İndiki məqamda, xüsusilə də ölkəyə bu qədər təzyiqlər olan bir vaxtda bundan geri çəkilməyə axı nə lüzum var?
Üçüncü. Mən bir qanun layihəsi təklif edirəm. Ziyafət müəllimin əksinə olaraq, mən hesab edirəm ki, biz erməni soyqırımını tanıyıram deyənlərin Azərbaycan ərazisində cəzalandırılması barədə məhz antidemokratik bir qanun layihəsini gündəmə gətirməliyik. Eyni təklifi Türkiyəyə də verməliyik. Bu qanun layihəsini Türkiyə ilə birlikdə hazırlamalı və qəbul etməliyik. Mən də başa düşürəm, antidemokratikdir. Amma Fransaya adekvat addım atmalıyıq. Məndə qanun layihəsi hazırdır, amma təqdim etmirəm. Ona görə ki, bu, bir nəfərin təklifi üzərində olmasın. Milli Məclisin rəhbərliyi Türkiyə Böyük Millət Məclisinin rəhbərliyi ilə danışsın. Çünki bu qanunu Türkiyə ilə birlikdə, eyni vaxtda qəbul edəcəyiksə, bunun effekti olacaq, yoxsa Azərbaycanın ayrıca qəbul etməsinin bir mənası olmayacaqdır. Qoy bu əraziyə gələn fransız başa düşsün ki, o da məsuliyyət daşıya bilər, o da həbs oluna bilər. Başqa avropalı da başa düşsün ki, biz onlara özlərinin tətbiq etdiyi silahla eyni cavabı vermək gücünə, iradəsinə, xarakterinə sahibik. Ona görə də, məncə, bu antidemokratikdir deyə biz özümüzü mədəni, demokratik göstərmək naminə prinsipial mövqelərimizdən geri çəkilməməliyik.
Bir də, ən vacib məsələ Siyasi partiyalar haqqında qanundur. Artıq mən təklif edirəm ki, burada bu qanun ətrafında söhbətlərə birdəfəlik son qoyulsun. Məsələ o qədər qeyri-ciddiləşdi ki... Hər dəfə sessiya başlayanda Milli Məclis rəhbərliyi tərəfindən açıqlama verilir ki, Siyasi partiyalar haqqında qanun layihəsi bu sessiyada müzakirəyə çıxarılacaq. Gündəlikdə yoxdur. Bu əgər qanuna əlavələr və dəyişikliklər formasında nəzərdə tutulursa, heç olmasa, siyasi partiyalara etika naminə məlumat verilsin ki, bu məsələ bu dəfə gündəliyə çıxarılacaq. İndi bildirilibdir. Amma bu məsələ yaz sessiyasında yenə gündəliyə çıxarılmasa nə olacaq? Milli Məclis özünə hörmət edən qurum kimi əgər nəyi isə müzakirəyə çıxarmayacaqsa, xahiş edirəm, bunu dilə gətirməsinlər, mətbuat konfransında bildirməsinlər. Çünki bu, partiyaları maraqlandıran məsələdir.
Mən hesab edirəm ki, artıq bunun qəbul olunmasının heç bir ziyanı yoxdur. Bu gün, tutaq ki, “Azadlıq”, “Müsavat” kimi müxalifət qəzetləri ancaq satışdan pul qazanmır, həmin vəsaiti daha çox dövlət dəstəyi ilə alırlar. Parlamentdən kənarda qalan 2-3 partiya da dövlət dəstəyi ilə 5-10 manat pul alsa, nə olar ki? Burada nə qəbahət var, dünya dağılmayacaq ki. Amma ölkənin demokratikliyi baxımından, partiya demokratiyasının inkişafı baxımından bu vacibdir.
Bu günlərdə biz Milli Məclisdə görüşdə iştirak edəndə bu problemlər qaldırıldı. Axı biz, heç olmasa, müəyyən imitasiya, görüntü olaraq bəzi məsələlərin həllinə çalışmalıyıq ki, ölkəmiz təzyiq altında qalmasın, bu, iqtidarın problemi kimi görünməsin, ölkədə, həqiqətən, müəyyən parlamentar demokratiyanın olduğunu, heç olmasa, müəyyən elementlərlə nümayiş etdirə bilək. Ona görə də mən qanunvericilik işləri planı ilə bağlı bu məsələlərə toxunmağı vacib hesab etdim.
Sonda deputat həmkarım Zahid bəyin dediyi fikrə qəti etirazımı bildirirəm. Ümumiyyətlə, Azərbaycan İranla bağlı hər hansı bir sanksiyaya qoşulmaqdan çəkinməlidir. İran bizə düşmən münasibət bəsləmiş olsa belə, qonşu dövlət olaraq biz müəyyən məsələlərdə ehtiyatlı davranışımızı davam etdirməliyik. Çünki İrana təzyiq edənlər heç də bizim dostlarımız deyillər. Bizi elə vəziyyətdə qoya bilərlər ki, sabah bunun altından millət olaraq, dövlət olaraq çıxa bilmərik. Bu riskə getmək olmaz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Mən də yaz sessiyasının başlanması münasibətilə hamınızı təbrik edirəm. Əvvəla, Milli Məclisin iclası başlayarkən cari məsələlərdə hörmətli Zahid müəllim söylədi ki, Azərbaycanda da Türkiyə ilə münasibətlərin pozulmasını istəyən müəyyən qüvvələr var. Mən buna öz etirazımı bildirirəm. O mənada ki, istəmirəm, hər şeydə biz özümüzdə nöqsan axtaraq və bir bərabərlik işarəsi qoyaq. Bəzi jurnalistlərimiz Türkiyə mətbuatında Azərbaycana qarşı yönələn ədalətsiz yazılara, sadəcə olaraq, cavab verirlər. Bu tamam başqa bir şeydir. Mən Azərbaycanda Türkiyənin əleyhinə olan bir nəfər də insan görməmişəm. Yəni buna xüsusi diqqət yetirməli və bu tipli çıxışlarımızda daha diqqətli olmalıyıq.
İkinci məsələ, burada belə bir fikir səsləndirildi ki, biz də Türkiyə parlamenti ilə eyni vaxtda türkləri insanlıq əleyhinə ən ağır cinayət törətməkdə, yəni soyqırımında ittiham edən şəxslərin məsuliyyət məsələsinə dair qanun qəbul edək. Mən hesab edirəm ki, Türkiyə parlamenti ilə birlikdə belə bir qanunun müzakirəyə çıxarılması mümkündür. Əgər Fransanın Konstitusiya Məhkəməsi də Konstitusiyaya, ümumiyyətlə, insan azadlıqlarına zidd olan bu qanunu qəbul etsə, o zaman Azərbaycanda və Türkiyədə analoji qanunlar qəbul oluna bilər. Amma mən, yeri gəlmişkən, deputat həmkarlarıma, mətbuat nümayəndələrinə, o cümlədən türk qardaşlarımıza müraciət edirəm ki, Azərbaycanla bağlı çıxışlar edərkən, Azərbaycana qarşı müəyyən tələblərdə olarkən Azərbaycan Respublikasının hazırkı durumunu nəzərə alsınlar. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, 1 milyon qaçqınımız var. Fransa bizim istəyimizlə deyil, bizim iradəmizə zidd olaraq Minsk qrupunun həmsədri təyin olunub. Ona görə siyasətimizi müəyyənləşdirərkən, çıxışlar edərkən bu faktları da mütləq göz önünə almalıyıq.
Ziyafət müəllim, mən istərdim ki, qanunvericilik işləri planına İran–Azərbaycan münasibətlərinə dair məsələ daxil edilsin. Buna çox böyük ehtiyac var. Bilirsiniz ki, qış fasiləsi dövründə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən terror aktının qarşısı alındı. Bu, Azərbaycanda milli ayrı-seçkiliyə, düşmənçiliyə, dinlər arasında təfriqə yaratmağa xidmət edən bir terror aktı olacaqdı. Mən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təşəkkürümü bildirirəm ki, belə mənfur cinayətin qarşısını vaxtında ala biliblər.
İran Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymaq istəmir. Bilirsiniz, Azərbaycanın çox tanınmış alimlərinə də vaxtilə İranın xüsusi xidmət orqanları tərəfindən terror edilib. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi son əməliyyatda da materiallarla təsdiq olunur ki, İranın xüsusi xidmət orqanları məhz Azərbaycan vətəndaşlarından istifadə edərək belə bir cinayət törətməyə cəhd ediblər. Bundan başqa, İran bu gün Təbrizdən, – özü də haradan, qədim Azərbaycanın paytaxtından, – Ermənistana neft kəməri çəkməyə hazırlaşır. Bununla da adda müsəlman dövləti olan bir ölkə 1 milyon müsəlmanı evindən-eşiyindən didərgin salan, 20 faiz torpağını işğal altında saxlayan bir dövlətlə əməkdaşlıq edir.
Bizim hörmətli akademikimiz Yaqub müəllim də burada əyləşib. Bəzi deputatlar məsələ qaldırıblar ki, Türkmənçay müqaviləsini İran parlamentində müzakirə edəcəklər. Əslində, biz bunu etməliyik. Ona görə ki, məhz Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan iki yerə bölünüb.
Burada mənim gənc deputat həmkarım Etibar bəy çıxış elədi. Mən onun söylədiklərini təcrübəsizliyinə bağışlayıram. Yəqin ki, bu, tariximizi yaxşı bilməməyi ilə bağlıdır. Azərbaycan ərazisinin üçdə ikisi bu gün İranın tərkibindədir. Yalnız üçdə birində biz öz müstəqil dövlətimizi qura bilmişik. Bu gün Amerikada, Avropada, elə İranın özündə yaşayan azərbaycanlılar şəxsən mənə müraciət edirlər ki, siz dövlətin adını Azərbaycan Respublikası qoymaqla bizim işimizi xeyli çətinləşdirmisiniz. Biz beynəlxalq ictimaiyyət qarşısında öz milli hüquqlarımızla bağlı məsələləri qaldıranda deyirlər ki, siz artıq öz milli kimliyinizi müəyyənləşdirmisiniz, Azərbaycan Respublikası artıq var.
Mən hesab edirəm, Azərbaycanın yalnız üçdə birində indiki Azərbaycan Respublikası mövcud olduğuna görə tarixi ədalət bizdən tələb edir ki, Gülüstan və Türkmənçay müqavilələrinə parlamentdə hüquqi, siyasi qiymət verək. Bu müqavilələrin Azərbaycan xalqının tarixində oynadığı rola baxılmalıdır, qiymət verilməlidir və Azərbaycan Respublikasının adı dəyişdirilib Şimali Azərbaycan Respublikası qoyulmalıdır. Bu mənim təklifimdir və mən hesab edirəm ki, zaman da, tarix də mənim haqlı olduğumu sübut edəcək.
Mən sonda bir məsələ ilə fikrimi yekunlaşdırmaq istəyirəm. Azərbaycanda hüquqi islahatların aparılmasına çox böyük ehtiyac var. Azərbaycanda Andlı iddiaçılar institutu bərpa olunmalıdır, müstəqil istintaq komitəsi yaradılmalıdır. Bu məsələləri də biz dəfələrlə Milli Məclisdə qaldırmışıq. Hesab edirəm ki, hüquqi islahatların dərinləşdirilməsi istiqamətində müəyyən qanunları, o cümlədən də burada Fazil bəyin qeyd etdiyi “Siyasi partiyalar haqqında” Qanunu Milli Məclisin yaz sessiyasının gündəliyinə sala bilərik. Bununla da ölkədə siyasi və hüquqi islahatların dərinləşməsində Milli Məclis öz rolunu oynamış olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Düşünürəm ki, yaz sessiyasında müzakirə olunacaq qanunvericilik işləri planı kifayət qədər əhatəlidir və yaz sessiyası zamanı həyata keçirə biləcəyimiz maksimum işlər burada öz əksini tapıb. Xüsusən də Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin ikinci oxunuşda müzakirəsinin bura daxil edilməsi böyük əhəmiyyətə malikdir. Yəqin ki, bu qanunun qəbulundan sonra biz çox böyük bir xaosun yaşandığı sahədə balans, tarazlıq əldə edəcəyik. Eyni zamanda, iş planında nəzərdə tutulan Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanun layihəsi, Hərbi qulluqçuların statusu haqqında qanun layihəsi, Təhsil krediti haqqında qanun layihəsi, Elm siyasəti haqqında qanun layihəsi, Pasiyentin hüquqları haqqında qanun layihəsi və sair təqdirəlayiqdir. Yəni hər bir qanun layihəsi öz sahəsində çox əhəmiyyətlidir və hər biri bu sahədə irəliyə doğru atılacaq addımların əsasını təşkil edir. Ümumilikdə baxdıqda isə hər bir qanun ölkə rəhbərinin hər zaman böyük əhəmiyyət verdiyi insan amilini özündə ehtiva edir, birbaşa və dolayısı ilə Azərbaycanda insan hüquqlarının ən ali təminatının daha da inkişaf etdirilməsinə imkan yaradır.
Təbii ki, söhbət insan hüquqlarından, insan amilindən gedirsə, mən uşaqlarla bağlı vəziyyətə də bir neçə kəlmə ilə toxunmaq istərdim. Həmkarım Fazil Mustafa da bir az bundan əvvəl öz çıxışında bu məsələyə toxundu. Söhbət tərk edilən yeni doğulmuşlardan gedir. Az qala hər gün atılmış körpələrlə bağlı məlumat alırıq. Təəssüf ki, atılmış uşaqların sayı azalmaq əvəzinə daha da artır. Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF-in uşaqlarla bağlı hesabatlarında da azyaşlılara qarşı törədilən cinayət hadisələrinin artdığı qeyd edilir. Statistikaya görə, bu il Azərbaycanda 50-yə yaxın yeni doğulan körpə atılıb. Hörmətli həmkarlarım, düşünürəm ki, əslində, say bir o qədər önəmli deyil, amma bir uşağın belə küçəyə atılması, satılması, müharibəyə cəlb edilməsi təkcə ailəyə, ölkəyə deyil, insanlığa qarşı törədilən cinayətdir.
İki gündür, bütün ölkə kanalları son günlərin şaxtalı havalarında 6 günlük qız uşağının küçəyə atılması xəbərini verir. Araşdırmalar onu göstərir ki, bu uşaqların əksəriyyəti qanunsuz nikahdan doğulmuş arzuedilməz uşaqlardır və ana çox vaxt qınaqdan qorxaraq uşağı gizli şəkildə gətirib küçədə, blokda, hər hansı bir yerdə taleyin ümidinə buraxır, atıb gedir. Bilirsiniz ki, dövlət bu uşaqlara yiyə durur, sahib çıxır. Amma sahib çıxılana qədər gəlib keçdikləri yolda onlar ən azından sağlamlıqlarından məhrum olurlar. Hələ digər mənəvi məhrumiyyətləri demirəm.
Hörmətli sədarət, qanunvericilikdə bu kimi hallar üçün anonimlik nəzərdə tutulmayıb. Düşünürəm ki, əgər bu, nəzərdə tutularsa, heç olmasa, bu qanunla həyatın qanunlarından hələ bixəbər olan uşağın, körpənin sağlam gələcəyini təmin etmiş olarıq. Xahiş edərdim ki, önümüzdəki aylarda yaz sessiyasının qanunvericilik işləri planında bu məsələyə xüsusi diqqət veriləydi və mövcud olan qanunların hər hansı birinə bir əlavə kimi, ya da ayrıca bir qanun şəklində bu məsələ gündəmə gətiriləydi. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafı ilə bağlı son toplantısından bəzi məqamlara toxunmaq istəyirəm. Orada göstərilirdi ki, 2003-cü və 2011-ci illər arasında yoxsulluq səviyyəsi 44,7 faizdən 7,6 faizə enibdir. Aparılan son islahatlardan sonra pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb.
Burada qeyd olundu ki, 2011-ci il oktyabrın 1-nə olan məlumata görə Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllinə 807 milyon manat vəsait ayrılıb. Bütün bunlar yaxşı tədbirlər olsa da, məncə, kifayət deyil. Təkcə köçkünlər təbəqəsinə nəzər salmaqla bunu görmək mümkündür. Məsələn, köçkünlərin aldıqları çörək pulu 2011-ci ilin dekabr ayına kimi 15 manat, sonra 10 faiz artıb 16 manat 50 qəpik olubdur. Bu, məncə, çox kiçik rəqəmdir. Bu gün işi olmayan və ailəsi 4 nəfərdən ibarət olan köçkün aldığı çörək pulu ilə hətta bir nəfərin yaşayış minimumunu belə təmin etmək qabiliyyətinə malik deyil. Onların işlə təmin olunma məsələsi də yaşayış minimumunu təmin etmək səviyyəsində deyil. Yəni işsizlik o həddə çatıbdır ki, artıq kompakt yaşanılan yerlərdə, demək olar ki, iş yerləri yoxdur və bu da həmin vəziyyətə mənfi təsir edir.
Yoxsulluq səviyyəsi hətta inkişaf etmiş ölkələrdə də kiçik olmayan rəqəmlərlə ifadə olunur. Məsələn, bu, Danimarkada 12 faiz, Belçikada 15 faiz, Britaniyada 14 faiz, Amerika Birləşmiş Ştatlarında 15 faiz və sairdir. Azərbaycanda bu rəqəm 7,6 faiz göstərilir. Bunun doğru olub-olmamağı başqa məsələdir. Hər halda bu rəqəm faciə deyil, amma bu təbəqənin yükünü azaltmaq üçün müəyyən tədbirlər görməliyik. Hesab edirəm ki, həmin aztəminatlı ailələrin bu vəziyyətdən çıxması üçün yaz sessiyasında müəyyən qanunlarda bəzi dəyişikliklər etməliyik. Azərbaycanda ailələr öz xərclərinin 73 faizini ərzaq təminatına yönəldirlər. Bu vəziyyət ölkəmizdə orta statistik ailənin gəlirlərinin ərzaq xərclərinə nisbətinin və əhalinin böyük hissəsi üçün yoxsulluq riski probleminin ciddi olduğunun göstəricisidir.
Azərbaycanda ailələrin ərzağa iqtisadi əlçatanlığı səviyyəsi inkişaf etmiş ölkələrdən təxminən 6 dəfə aşağıdır. İnkişaf etmiş ölkələrdə ailələrin ərzaq xərcləri ümumi xərclərin az hissəsini təşkil edir. Məsələn, Almaniyada bu göstərici 13, Yaponiyada 14 faizdir. Azərbaycanla müqayisədə hətta MDB ölkələrində, o cümlədən qonşu ölkələrdə də vəziyyət nisbətən yaxşıdır. Məsələn, Rusiyada bu rəqəm 34,3 faiz, Qazaxıstanda 51,8 faiz, qnşu Gürcüstanda 47 faiz, Türkiyədə 32 faiz təşkil edir. Təbii ki, hər kəs başa düşür ki, Azərbaycanda qidaya çoxlu vəsaitin ayrılması insanların onu çox qəbul etməsi anlamına gəlmir. Sadəcə olaraq, hər kəs bilir ki, burada istehlak səbəti ilə yaşayış minimumu məbləği arasında disbalans mövcuddur və bu, aradan qaldırılmalıdır.
“2012-ci ilin yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş məbləğlər istehlak səbətinə uyğun deyil. Məsələn, qanunda əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün isə 84 manat təşkil edir. Nazirlər Kabinetinin 2009-cu il 30 aprel tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında hesablanmış minimum istehlak səbətinin dəyəri isə 169 manat civarındadır. Ona görə də hesab edirəm ki, biz yaşayış minimumunun məbləğinə yenidən baxmalıyıq. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği ölkə üzrə yenidən müəyyənləşməlidir. Hörmətli sədarət və millət vəkilləri, mən hesab edirəm ki, bu məsələnin gündəliyə salınması və müzakirə olunması çox aktualdır.
İkinci bir məsələyə də münasibət bildirmək istəyirəm. Bayaq hörmətli həmkarlarım buna toxundular. Siyasi partiyalar haqqında qanunun yubadılması heç bir məntiqə sığmır və ortada ciddi bir arqument də yoxdur.
Nəhayət, burada deputat həmkarlarımın İranla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirmək istəyirəm. Bir il əvvəl mən parlamentdə Türkmənçay müqaviləsinin qüvvədən düşməsini tanımağımız haqqında məsələ qaldıranda bəlkə də bunu qəribə qarşılayırdılar. Amma məsələ bundadır ki, biz istəsək də, istəməsək də, bu, artıq tanınmalıdır. Çünki 1978-ci il konvensiyasına görə müstəmləkə halından qurtulmuş dövlətlər müstəmləkə halına salınmış dövlətlərin öhdəliklərini daşımırlar. Bu, avtomatik olaraq qüvvədən düşmüş bir müqavilədir, üstəlik, tərəflərdən biri artıq ortada yoxdur. Biz artıq Şimali Azərbaycanda respublika qurmuşuq. Ona görə heç bir əsas olmadan, bu müqavilənin qüvvədən düşməsini tanımadan biz o imkanı İrana veririk və onlar da bizə üstəgəllik etməyə başlayırlar. Mən hörmətli Qüdrət bəyin təklifini Gün AzTV-də dəstəkləmişdim, indi də dəstəkləyirəm. Gerçəkdən də respublikanın adı məsələsi ətrafında düşünmək lazımdır.
Mən 1991-ci ildə müstəqillik aktı qəbul olunanda təklif eləmişdim ki, bu ad Şimali Azərbaycan Respublikası kimi qeyd olunsun. Amma o zaman bunu qəbul eləmədilər. Mənim gücüm ona çatdı ki, vizit kartımda Şimali Azərbaycan Respublikasının millət vəkili yazdırım və bunu paylayım. Amma hesab edirəm ki, bu məsələlər üzərində düşünmək lazımdır. Burada İrandan çəkinən dostlarıma da bildirmək istəyirəm ki, biz İrana yaxşı münasibət göstərməyə cəhd eləsək də, o onsuz da bizə pis münasibətini göstərəcəkdir. Çünki institutlaşmış bir siyasəti vardır və Şimali Azərbaycanın mütəmadi olaraq gücsüz, zəif olmasında maraqlıdır. Ona görə də biz həm bu məsələlərə, həm də beynəlxalq aləmin İranla bağlı sanksiyalarına qorxmadan əl qoymalıyıq. Bölgədə demokratiyanın üstün vəziyyətə gətirilməsi üçün çabalar varsa, nüvə silahının əldə olunmasına qarşı çıxanlar varsa və Azərbaycan da bütün istiqamətlərdə Qərb oriyentasiyasını götürübsə, Avroatlantik bloka inteqrasiya olunma imkanlarını müzakirə edibsə və öz doktrinasında göstəribsə, hesab edirəm, bu məsələlərdə tərəddüd etmədən dostlarımızın və düşmənlərimizin təsnifatını açıq şəkildə verməliyik. İran qonşudur, filankəs qonşudur deyə o dövlətlərin siyasətinin girovuna çevrilməməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının qanunvericilik işləri planındakı bir neçə layihəyə əlavə və düzəlişlər təklif edirəm. Birinci növbədə Məhkəmələr haqqında və Hakimlər haqqında qanun layihələrinə münasibət bildirmək istəyirəm. Bunu hörmətli hüquqşünaslar və müvafiq komissiya daha uyğun bildiyi şəkildə təklif edə bilərlər. Mahiyyət nədir? Azərbaycanda məhkəmələrin çıxardığı bir sıra qərarlara Avropa Məhkəməsində yenidən baxılır və çox ciddi cəzalar, o cümlədən maliyyə sanksiyaları müəyyən olunur. Nəticə belə alınır ki, hakimlərin yanlış, səhv qəbul etdiyi qərarlara görə dövlət büdcəsindən vəsaitlər ayrılır.
Ən maraqlı cəhətlərdən biri budur ki, bu hakimlər nə hakimlikdən uzaqlaşdırılır, nə də cəzalandırılırlar. Mən bir dəfə bu məsələni burada demişəm. Hətta Avropa Məhkəməsi qərarların böyük əksəriyyətinə qarşı mənfi qərar çıxarıb yenidən Azərbaycana göndərdiyi halda, burada olan təqdimatlarda onlar daha yüksək vəzifələrə, postlara gətirilir. Buna son qoymaq lazımdır. Bu ilk növbədə ona görə lazımdır ki, hər kəs qanunun və ədalətin təntənəsini əlində əsas prinsip kimi tutsun və çıxardığı qərarların sonda özünə təsir edəcəyini bilib obyektivlikdən çəkinməsin.
Əgər hakimiyyət hesab edirsə ki, yox, obyektiv qərar çıxarmaqdansa, elə dövlət büdcəsindən müəyyən qədər vəsaitin ödənilməsi ilə siyasi sifarişləri məhkəmədə çıxarmaq daha yaxşıdır, hesab edirəm, bu tendensiya yaxşı heç nə vəd eləmir. Ona görə də bu gün Azərbaycan Respublikasının Milli Məclisi Hakimlər haqqında xüsusi bir qanun layihəsini bura əlavə etməlidir. İşi Avropa Məhkəməsindən gələnlər təqdim olunan cərimələrin müəyyən bir hissəsini özləri ödəməlidirlər və onların hakimlik fəaliyyətinə müəyyən dövr üçün ya qadağa qoyulmalı, ya da başqa cəza növü müəyyən olunmalıdır.
Diqqət edin, 2005-ci il və 2010-cu il seçkilərində seçki hüququnun pozulması ilə bağlı Avropa Məhkəməsinin çıxardığı qərarlar var. Məsələn, konkret olaraq bir dairədə namizədin hüquqlarının pozulması ilə bağlı Avropa Məhkəməsi qərar çıxardı və həmin vətəndaşa 60 min avro ödənilməsini qanun kimi saxladı. Amma həmin vəsait Azərbaycanın dövlət büdcəsindən ödənildi. Həmin dairənin sədri isə qanunları pozmasına baxmayaraq, bu gün başqa bir dairənin sədridir. Bu necə olur? Niyə dövlət bunun məsuliyyətini qanunu pozan şəxslərin üzərinə qoymur? Hesab edirəm, bu ciddi şəkildə düşünülməlidir və bu qanun layihəsi qəbul olunmalıdır.
İkinci təklifim Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlıdır. Diqqət edirsinizsə, son dövrlərdə müxtəlif məhdud məsuliyyətli cəmiyyətlərin və kooperativ birliklərin adamları aldatması barədə çox ciddi faktlar var. Bu faktlar insanların etirazına səbəb olur və onların vəsaitinin mənimsənilməsinə, dələduzluğa və sairə gətirir. Bir milyon, üç milyon, beş milyon, on milyon mənimsəmiş adamlar 3 il, 5 il yatır, amma vətəndaşın əmlakı ödənilmir.
Şəhərsalma və Tikinti Məcəlləsinə edilən əlavə və dəyişikliklərdə vətəndaşları aldadan o tikinti şirkətlərinin üzərinə müvafiq dövr üçün məsuliyyət qoyulmalıdır. Əgər bir binanın tikilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə alınırsa, tikintini həyata keçirmək üçün konkret vaxt müəyyən olunmalıdır, müqavilə imzalanmalıdır. O müqavilədə göstərilməlidir ki, müəyyən vaxt ərzində binanı tikə bilməsə, artıq müvafiq dövlət qurumları o tikinti şirkətini hərraca çıxarır. Hərrac vasitəsi ilə də yerdə qalan hissənin hansı şəkildə ödənilməsi müəyyənləşdirilməlidir. Şərt qoyulmalıdır ki, tikinti şirkəti tikdiyi binanı təhvil verməyənə qədər heç bir adamdan pulun 100 və ya 50 faizini almağa ixtiyarı yoxdur. Yalnız 25 faizini ala bilər. O bu vəsaiti ancaq payçılardan əldə edə bilər. Çünki 100 faizi alandan sonra tikmir, qaçıb gedir. Vətəndaş da çapalaya-çapalaya qalır, nə pulunu ala, nə də haqqını müdafiə edə bilir. Hesab edirəm, yaz sessiyasında bu məsələ də ciddi şəkildə müzakirə olunmalıdır.
Azərbaycanda son dövrlərdə çox ciddi problemlərdən biri də vətəndaşların əmlakına qəsddir. Məsələn, qış bulvarında bir proses gedirdi. Ən qəribə olanı nədir? Hər hansı bir proses həyata keçiriləndə, Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi qərarlara istinad edirlər ki, guya dövlət ehtiyaclarıdır. Qış bulvarı dövlət ehtiyacıdır? Biz burada qərar qəbul edəndə dövlət ehtiyaclarının siyahısını yazmamışdıq? Vətəndaşları bu şəkildə aldadır, məcbur edib evindən köçürürlər. Deyirlər ki, mən sənə bu qədər verirəm, köçməlisən.
Vətəndaşın əmlakı toxunulmazdır. Hər hansı bir struktur dövlət ehtiyacı olmasa, heç bir halda vətəndaşın əmlakına müdaxilə edə bilməz. Orada nə tikirsən, tik. Dövlət ehtiyacıdırsa, əmlakın qiymətini vətəndaş özü müəyyən etməlidir. Hətta Nazirlər Kabinetinin bu gün müəyyən etdiyi tariflər də reallığı əks etdirmir.
Təsəvvür edin ki, Səbail rayonu ərazisində hələ yalnız bünövrəsi tikilmiş binanın 1 kvadratmetri 4000–5000 manata satılır, amma camaatın hazır, təmirli evi sökülür, əvəzində 1500 manat vəsait təklif olunur. 1500 manata haradan ev alacaq? Bu gedib Əhmədli tərəfdə kvadratı 700–800 manata bir ev alsın və onun təmirinə də iki o qədər vəsait xərcləsin? Niyə? Vətəndaşın əmlakı istənilən halda müdafiə olunmalıdır, çünki bu işlərin hamısı Avropa Məhkəməsinə gedəcək, yenidən dövlətin üzərinə qayıdacaq və dövlət bundan ziyan çəkəcək, vəsait ödəyəcək.
Deyəcəyim dördüncü məsələ uşaq əməyinin istismarı ilə bağlıdır. Mən bir dəfə də Milli Məclisdə bu məsələni qaldırmışam. Hamımız şadlıq evlərinə gedirik və bunları görürük. Avropaya inteqrasiyadan, demokratiyadan, dəyərlərdən, insan haqlarından danışan bir məmləkətdə belə şey ola bilərmi? Hər birimiz, hətta millət vəkilləri şahid olmuşuq, 8, 10, 11, 12 yaşlı uşaqlar biri bəyin başına gül ləçəyi səpir, biri gəlinin fatasını tutur, biri də, nə bilim, paltarından dartır. Buna kim baxır? Neçə dəfələrlə bu məsələni qaldırmışıq ki, uşaq əməyini bu şəkildə istismar etmək olmaz. Bura Afrika ölkələrindən biridirmi ki, filmlərdə göstərildiyi kimi, bəyin başına gül ləçəyi səpələr? Bunun bir sahibi yoxdurmu? Əvvəl-axır hər hansı bir orqan bununla məşğul olmalıdır ki, uşaq əməyinin istismar edilməsinin qarşısı alınsın. Soyuqda, qış günündə körpə uşaqları nazik geyindiriblər ki, nədir-nədir ona 5 manat pul verəcəklər. Bu şəkildə uşaq əməyini istismar etmək olmaz. Uşaqlar Azərbaycanın gələcəyidir və hesab edirəm, bu məsələ ilə Milli Məclisin müvafiq komitəsi və səlahiyyətli dövlət qurumları da ciddi şəkildə məşğul olmalıdırlar. Bu, sıradan bir məsələ deyil.
Məndən əvvəl burada Siyasi partiyalar haqqında qanun layihəsi ilə bağlı fikir bildirdilər. Bəli, Siyasi partiyalar haqqında qanun layihəsi, nəhayət ki, müzakirəyə çıxarılmalıdır. Venesiya Komissiyasının etiraz etdiyi məqamlar var, müzakirələrdən keçib. Bu komissiyanın da rəyini bilirik. Bizim də, siyasi partiyaların da qəbul etmədiyi məqamlar var. Amma bu, müzakirəyə çıxarılıb həll olunmalıdır və nəhayət, Milli Məclis bununla bağlı qərar qəbul eləməlidir.
1992-ci ildə qəbul olunan “Siyasi partiyalar haqqında” Qanuna, sonra iki dəfə (2002 və 2009-cu illərdə) Konstitusiyaya referendum vasitəsilə dəyişiklik olunub. Konstitusiya bir dəfə qəbul olunub. Amma bu gün siyasi partiyalar dövlətin vacib bir institutu kimi siyasi proseslərdə köhnə qanun layihəsindən də yararsız bir halda iştirak eləyirlər. Bu gün, əslində, siyasi partiyalar bir institut kimi məhv olmaq ərəfəsindədir. Artıq Azərbaycanda siyasi partiyaların insanlar, vətəndaşlar arasında heç bir əhəmiyyəti, önəmi qalmayıb. Proporsional seçki sistemi ləğv olunub, majoritar seçki sistemi tətbiq olunur. Mən hakimiyyətin bu yöndə istəklərini başa düşürəm, amma heç bir qanun bu gün üçün qəbul olunmamalıdır, uzaq perspektivə, Azərbaycanın gələcəyinə hesablanmalıdır. Hər kəsin kollektiv məsuliyyətini müəyyən etməsi və dərk etməsi üçün, təbii ki, siyasi partiyalar bir institut kimi olduqca vacib bir orqandır, institutdur. Hesab edirəm, buna görə də Siyasi partiyalar haqqında qanun layihəsi ciddi şəkildə müzakirə edilməli və qəbul olunmalıdır.
Mən Diffamasiya haqqında qanun layihəsi barədə keçən sessiyada da qeyd etmişdim. Bu sessiyada da qeyd edirəm ki, bu qanun layihəsi qeyd olunmalıdır və söz, mətbuat azadlığının, ifadə azadlığının...
Sədrlik edən. Sağ olun. Elmira xanım, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Darıxmayın, bir dəqiqə. Elmira xanıma mikrofon verin.
E.Axundova. Bilirsiniz, hörmətli deputatlar hər şeydən danışırlar, elə bil, cari məsələləri, gündəliyi müzakirə edirik. Amma iş planı haqqında, demək olar ki, az adam danışır. Axı, bizim də sözümüz var. Mənim çıxışım sırf iş planı ilə əlaqədardır. Bir-iki dəyərli təklifim var. Bizə vaxt çatmayacaq. Necə olacaq?
Sədrlik edən. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, mən də qanunvericilik işləri planı ilə bağlı öz təkliflərimi vermək istəyirəm. Birinci maddədə qanunvericilik təşəbbüsü olan bütün subyektlər göstərilib və təbii ki, Milli Məclisin deputatları da bu statusa malikdirlər. Bu orada qeyd olunsa, daha yaxşı olar. Çünki orada göstərilir ki, Azərbaycan Respublikası Prezidentindən və ayrı-ayrı strukturlardan təqdim olunan qanun layihələri: Milli Məclis və Milli Məclisin deputatlarının belə bir təşəbbüslə çıxış etməsi məsələsi göstərilməyib. Hesab edirəm, bu da vacib olan elementlərdən biridir, yəqin ki, gələcəkdə bunu nəzərə alarıq.
Burada konkret qanunlar göstərilir, mən də bunların hamısı ilə razıyam və bir neçə məsələ ilə bağlı öz fikrimi bildirmək istəyirəm. Birincisi, bu gün burada söz, mətbuat azadlığı ilə bağlı bir neçə fikir səsləndi. Azərbaycanda mətbuat azadlığı ilə bağlı qanunvericilik var və bu, qanunla tənzimlənir. Dünyanın heç bir ölkəsində mətbuata diqqət bu gün Azərbaycanda olan qədər deyil. Ayrı-ayrı ölkələrdə mətbuat sərbəst şəkildə özünü maliyyələşdirir və öz büdcəsi hesabına da işlərini aparır.
Azərbaycanda isə iqtidarlı-müxalifətli hər bir qəzetə (kəskin yazan və yazmayan, fərqi yoxdur) hər il dövlət tərəfindən 50 min manata qədər yardım olunur. Yaxşı yazılan məqalələrə görə mətbuat fondu ildə 3–4 dəfə həmin jurnalistləri mükafatlandırır. Burada bütün qəzetlər – müxalifət və digər qəzetlər nəzərdə tutulur.
Bu gün mətbuat işçiləri üçün xüsusi bina tikilir. Dünyanın heç bir yerində belə bir hal yoxdur. Azərbaycan hökumətinin dəstəyi ilə bu proses gedir, gələcəkdə də davam etdiriləcəkdir. Onlar ayrı-ayrı ölkələrə ezam olunurlar, digər dövlətlərin təcrübəsini öyrənirlər və sair. Bundan artıq hansı addımlar atılmalıdır, başa düşə bilmirəm.
Gəlin, görək o mətbuat orqanları bu işlərə adekvat cavab verirmi? Qəti şəkildə yox. Burada bəzi qəzetlərin məhkəməyə verilməsi ilə bağlı fikir səsləndi. Yaxşı, biz hüquqi dövlətdən danışırıq, məhkəməyə verməsin, neyləsin, özü mühakimə eləsin? Bunun yolu məhkəmədir. Vətəndaş hesab edir ki, təhqir olunub və təhqir olunduğuna görə də müəyyən məbləğ irəli sürür. Təbii ki, bu məbləği də məhkəmə müəyyənləşdirəcək. Bunun yeganə yolu məhkəmədir. Dünyada başqa yol tanıyırsınızsa, o yol haqqında bizə də deyin, biz də ona uyğun qərar çıxaraq. Hər bir məsələ bu sistem əsasında tənzim olunmalıdır.
Digər bir tərəfdən, burada siyasi məhbuslar haqqında məsələ qaldırıldı. Biz dəfələrlə demişik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bu gün yenə hüquq müdafiə təşkilatları hərəsi bir siyahı tutub, ortaya düşüblər. Sizin yadınıza bir məsələni salım. Vaxtilə o siyahıları təqdim eləyən Leyla Yunus və digərləri Əlikram Hümbətovu da, Azərbaycanda metro partladanı da və başqalarını da siyasi məhbus kimi təqdim eləmişdilər və dəridən-qabıqdan çıxırdılar. Nə oldu? Azərbaycan hökuməti dedi ki, bunlar siyasi məhbus deyil, qatı cinayətkardırlar. Şahidi olduq ki, Əlikram Hümbətov Ermənistana gedib qurultay keçirir. Nəticəsi budur. Onların müdafiə etdiyi insanlar bunlardır. Bunları siyasi məhbus adlandırmağın heç bir adı, heç bir yeri yoxdur. Hansı siyasi partiyanın üzvü olmasından asılı olmayaraq, törətdiyi cinayətə görə birinci elə partiya onu sıralarından xaric eləməlidir. Bu, Siyasi partiyalar haqqında qanunda da öz əksini tapıb.
İkinci bir tərəfdən, bu cinayəti törədib və hər hansı bir partiyanın adı altında gizlənməyə çalışıb, özünə bəraət qazanıb. Növbəti dəfə o cinayəti törətmək istəyirsə, bu yolverilməzdir. Qanun qarşısında hamı bərabərdir və mən hesab edirəm ki, burada da bu cür olmalıdır.
Digər tərəfdən, burada Siyasi partiyalar haqqında qanundan danışıldı. Birincisi, bu qanun layihəsi Prezident tərəfindən də gələ bilər, parlamentin təşəbbüsü ilə də. Yəni bu, gündəlikdə olma məsələsi ilə bağlı deyil. Konkret göstərilir ki, hansı təşəbbüslə gələ bilər. Hələ bu layihə hazırlanır, üzərində iş gedir.
İkincisi, bayaq Fazil Mustafa qeyd etdi ki, o biri partiyalara da maliyyə dəstəyi verilsin. Dünyanın heç bir yerində seçkidə iştirak etməyən partiyaların maliyyələşdirilməsi proseduru yoxdur. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdəki partiyalara nəzər salın. Seçkidə iştirak eləyib, seçicilərin 1 faizindən 14 faizinə qədər səsini almaq gərəkdir. Bu rəqəm Türkiyədə 7, Yunanıstanda 6, Kanadada 14, Avstriyada 1, Almaniyada 3 faizdir. Bu ölkələrdə seçkidə iştirak eləyən partiya baryeri aşarsa, o halda dövlətdən maliyyə dəstəyi ala bilər. Əgər bu prosesdə iştirak eləmirsə, gərək Azay müəllimə müraciət eləsin ki, o, siyasi partiya deyil, ictimai təşkilatdır. O zaman layihəsini təqdim edib, ona uyğun maliyyə yardımı ala bilər. Qalan hallarda isə ancaq parlament seçkilərində iştirak etmiş və müəyyən baryeri aşaraq səs qazanmış partiyalar maliyyə dəstəyi ala bilərlər. Mən hesab edirəm ki, bu məsələ belə tənzimlənməlidir.
Venesiya Komissiyası ilə bağlı məsələyə öz fikirlərini bildirirlər. Birincisi, bəli, Azərbaycanda 5 milyona yaxın seçici var. Əgər hər hansı bir siyasi partiya 0,1 faiz, – 1 faizi yox, 1 faiz 50 mindir, – imza toplayıb təqdim edə bilmirsə, o, cəmiyyətdən hansı dəstəyi alıb seçkidə iştirak eləyə bilər? Ukraynanın Seçki Məcəlləsində hətta hansı şəhərlərdə nə qədər imza toplanmasının özü göstərilib. Qazaxıstanda bu, 50 mindir. Ayrı-ayrı ölkələrdə müxtəlif formalardadır. Bu nöqteyi-nəzərdən seçicinin 0,1 faizi nəzərdə tutulur. Mən bilmirəm, buna necə irad tutula bilər.
İkinci bir tərəfdən, xarici vətəndaşın siyasi partiyaya maliyyə dəstəyi göstərməsi dünyanın hansı ölkəsində var? Bir İsraildədir, o da bəllidir. İsrail elan eləyib ki, dünyanın hər yerində yaşayan yəhudilər onun vətəndaşı hesab olunurlar. Avropa İttifaqına daxil olan ölkələrin heç birində bu norma yoxdur və qəti şəkildə qadağa qoyulub. Ona görə Azərbaycan da bu normalardan, statusdan istifadə edib.
Bir məsələni də qeyd etmək istəyirəm, burada Avropa Məhkəməsi ilə bağlı danışıldı. Nədənsə Avropa Məhkəməsinə Ermənistandan, Qərbi Azərbaycandan və Dağlıq Qarabağdan didərgin düşmüş, əmlakı tar-mar olmuş qaçqınlar mülkiyyətlə bağlı dəstə-dəstə sənəd göndərirlər, təsdiq olunmur, amma, tutaq ki, sarayın arxasında bir evin sahibi şikayət göndərən kimi, dərhal onu xətm eləyir, üstünü yazıb Azərbaycana göndərirlər. Onlar bu məsələyə bu qədərmi həssaslıqla yanaşırlar? Onda mülkiyyət hüququ ilə bağlı bütün məsələlərə düzgün yanaşmalıdırlar. Mən hesab edirəm ki, bu məsələlərə də diqqət yetirilməlidir.
Bir fikri də qeyd eləyim. Burada deyildi ki, Milli Məclis tərəfindən ya amnistiya verilməlidir, ya da əfv olmalıdır. Prezidentə müraciət etməliyik ki, guya kimlərisə əfv eləsin? Əfv olunmaq istəyən özü Prezidentə müraciət eləsin. Bu adam müraciət etmir, amma deyir ki, məni əfv eləsinlər. Haradan əfv eləsinlər bunu? Aydan, çaydan? Ola bilsin, heç əfv olunmaq istəmir, bəlkə şəraiti yaxşıdır, geri qayıtmaq istəmir. Orada istirahətlə məşğuldur. Müraciəti yazılı şəkildə göndərirlər və bunun əsasında da ona baxırlar. Bütün məsələlər həll olunandan sonra onun sərəncamı imzalanır və əfvə düşür. Bu prosesin başqa variantını görmürəm. Şifahi, qiyabi halda insanların əfv edilməsi mümkün deyil. Biz artıq beynəlxalq standartdan danışırıqsa, elə ona uyğun hərəkət etməliyik. Hesab edirəm ki, bu baxımdan qanunvericilik çox zəngindir.
Həmkarlarımın qaldırdığı bir məsələyə də toxunmaq istəyirəm. Vaxtilə bu fikirlər səslənmişdi və hamı deyirdi ki, Azərbaycanın adı Şimali Azərbaycan olmalıdır. Bu gün dünya təcrübəsində də Cənubi Koreya, Şimali Koreya və digər parçalanmış ölkələr var. Onlarca belə ölkə sadalamaq olar ki, orada artıq bu metoddan istifadə olunub. Azərbaycanda da bu metoddan istifadə eləmək olar və mən hesab edirəm ki, bu da vacib elementlərdən biridir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Vahid müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
V.Əhmədov. Ziyafət müəllim, mənim sualım yox, təklifim var. Yoldaşlar da qeyd elədilər, ümumiyyətlə, kim çıxış eləmək istəyirsə, yazılı şəkildə versin, sonra ona baxarlar. Çıxışlar kəsilsin və səsə qoyulsun.
Sədrlik edən. Təkid eləyənlər var, qoyun çıxış eləsinlər. Yəni bizim işimiz bundan ibarətdir. İnsanların sözünü kəsmək olmaz, qoy danışsınlar. Hər halda təkid eləyənlər var. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, çox qəribə bir haldır ki, kimin adı tabloda yoxdursa, o, dərhal çıxışların kəsilməsini istəyir, amma kimin adı orada varsa, heç belə bir təşəbbüs olmur. Hər halda minnətdaram ki, Siz müzakirəni davam etdirdiniz. 2012-ci ilin yaz sessiyasının qanunvericilik işləri planı haqqında çox sözlər deyildi, təkliflər verildi. Hesab edirəm ki, plan kifayət qədər hərtərəfli hazırlanıbdır. Ümumiyyətlə, ictimai münasibətləri tənzimləyən bir sıra yeni təşəbbüslər var, buna da, təbii ki, müzakirə zamanı hər kəs öz fikrini bildirəcək.
Xatırlatmaq istəyirəm ki, keçən ay, yəni 2011-ci ilin sonunda cənab Prezident insan hüquq və azadlıqları ilə bağlı çox mühüm bir fəaliyyət planı imzaladı. Həmin fəaliyyət planında bir sıra yeni qanunların qəbulu, o cümlədən Diffamasiya haqqında qanun layihəsinin hazırlanması ilə də bağlı müvafiq tövsiyə var. Düşünürəm ki, 2012-ci il ərzində bütün bu təkliflərə baxacağıq. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, həqiqətən də, bu plan mükəmməl hazırlanıbdır və Milli Məclisin üzərinə xüsusi vəzifələr düşəcək. Bu planın icrası ilə bağlı əsas aidiyyəti qurumlar, yəqin ki, tam şəkildə səfərbər olunacaqlar. O ki qaldı mənim təkliflərimə, mən 3 təkliflə çıxış etmək istərdim.
Hörmətli millət vəkilləri, mətbuatdan da bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyəti institutlarının işini daha yaxşı təşkil etmək, dövlətin bu sahədə işlərini təkmilləşdirmək məqsədi ilə yeni layihələr hazırlayıb. Bu layihələrdən biri Sosial sifariş haqqında qanun layihəsidir. Bəlkə xatırlayanlar var, əvvəllər də Milli Məclis tərəfindən belə bir təşəbbüs olmuşdu. Bu və ya digər səbəbdən həmin layihə birbaşa müzakirəyə təqdim olunmamışdı. Amma mən düşünürəm ki, artıq Sosial sifariş haqqında qanun layihəsinin müzakirəsinin vaxtı çatıb. Yeri gəlmişkən, deyim ki, qeyd etdiyim bu layihənin artıq bir-iki ekspertizasını təşkil etmişik, Milli Məclisə də ilkin müzakirə üçün təqdim olunub. Aparatın rəhbəri hörmətli Səfa Mirzəyevlə bunun ilkin müzakirəsi keçirilib. Yəqin, iş planının icrası vaxtında biz bu məsələyə yenidən qayıdacağıq. Əlbəttə ki, Sosial sifariş haqqında qanun layihəsinin müddəaları haqqında danışmaq hələ tezdir, amma bir cümlə ilə ifadə eləmək istəyirəm ki, bu gün buna çox böyük ehtiyac var. Bir sıra sahələrdə sosial sifarişin verilməsi istiqamətində dünya təcrübəsi mövcuddur və hesab edirəm ki, Azərbaycan da bundan faydalana bilər.
Qanunvericilik işləri planına təklif etdiyim ikinci layihə İctimai iştirakçılıq haqqında qanun layihəsidir. Bilirsiniz ki, ictimai iştirakçılıqla bağlı artıq münasibətlər mövcuddur. Bir sıra nazirliklər və dövlət qurumları, qeyri-hökumət təşkilatları qərar qəbulunda vətəndaşların iştirakını təmin edirlər, amma bunun hüquqi bazası yoxdur. Bu məsələnin qanunvericilik müstəvisinə keçirilməsinə böyük ehtiyac var. Cənab Prezidentin dəfələrlə vətəndaş cəmiyyəti, ictimai nəzarət, ictimai iştirakçılıqla bağlı səsləndirdiyi fikirləri, tövsiyələri nəzərə alaraq bu qanun layihəsinin məhz 2012-ci ilin işlər planına salınmasında böyük fayda var. Biz bu qanun layihəsini müzakirə edib qəbul etdikdən sonra bu sahədə olan məsələlər tam şəkildə tənzimlənə bilər.
Üçüncü qeyd etmək istədiyim məsələ Peşə bilikləri haqqında qanun layihəsidir. Bu layihə də bizim tərəfimizdən hazırlanıb. Hesab edirik ki, Qeyri-hökumət təşkilatları, İctimai Birliklər Fondu haqqında qanunla bağlı belə bir layihənin yenidən qəbuluna ehtiyac var. Bilirsiniz ki, bir sıra peşə sahələri xüsusi əhəmiyyət daşıyır və bu peşə sahiblərinin bir təşkilatda birləşməsinə, onların hüquqlarının qanunvericilik səviyyəsində təsbit olunmasına və fəaliyyətlərinin məhz xüsusi hallarda lisenziyalaşdırılmasına ehtiyac var. Məhz buna görə də bu təklifi səsləndirirəm və ümid edirəm ki, bunu yaxın müddətdə müvafiq komitələrin müzakirəsindən keçirə biləcəyik. Düşünürəm ki, biz bu layihəyə müvafiq komitələrlə ayrı-ayrılıqda baxa bilərik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Azay müəllim. Astan müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Fəzail Ağamalı, buyurun.
F.Ağamalı. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Əlbəttə, mən başa düşürəm ki, müzakirə getdikcə hövsələmiz tükənir. İstirahətdən qayıtmışıq, görünür, bir az adaptasiyaya ehtiyacımız var. Ona görə də bir-birimizə lütfən qulaq asaq və çalışaq ki, fikirlərimizdə daha dəqiq, daha konkret olaq. Mən, əlbəttə, təqdim edilmiş planı dəstəkləyirəm, ona səs verəcəyəm. Ümidvaram ki, Siyasi partiyalar haqqında qanun layihəsi yaz sessiyasında gündəliyə çıxarılacaqdır. Biz bu məsələni müzakirə eləyib son dərəcə əhəmiyyətli olan bu qanunu qəbul edəcəyik və bu, siyasi partiyaların həyatında yeni bir mərhələnin başlanğıcı olacaqdır.
Hörmətli Ziyafət müəllim, mən bir sıra təkliflərlə çıxış etmək istəyirəm. Çalışacağam ki, təkliflərimi əsaslandıram. Burada ötəri olsa da söylənildi, lakin mən məsələni daha dəqiq qoymaq istəyirəm və düşünürəm ki, Milli Məclis Azərbaycan–İran münasibətlərini, xüsusi olaraq viza məsələsini müzakirə etməlidir. Əgər İran Azərbaycanın sərhədini dəfələrlə pozursa, Azərbaycana qarşı ərazi iddialarını ən müxtəlif səviyyələrdə ortalığa gətirirsə, Azərbaycanın rəsmi saytlarını dağıdırsa, ölkənin idarə olunmasında müəyyən problemlər yaradırsa, Azərbaycanda terror təşkil edirsə, hərtərəfli şəkildə işğalçı Ermənistanı müdafiə və himayə edirsə, biz niyə susmalıyıq? Mən bu suala cavab tapa bilmirəm və düşünürəm ki, hər bir azərbaycanlı da buna cavab tapa bilmir. Ola bilsin, hər hansı bir siyasətçi bunun üstündən keçə bilər. Ola bilsin ki, müəyyən məqsədlər üçün buna müəyyən dərəcədə biganə yanaşmaq olar. Lakin bu gün Azərbaycanın dövlət maraqları, milli maraqları birmənalı şəkildə göstərir ki, Azərbaycan–İran münasibətləri Milli Məclisdə müzakirə olunmalıdır.
Prezident Administrasiyasının çox mötəbər bir nümayəndə heyəti Əli Həsənovun rəhbərliyi altında İran İslam Respublikasında oldu. Əli Həsənov qayıdandan bir az sonra yenə də onların informasiya maşını Azərbaycan əleyhinə işləməyə başladı. Onun ardınca məlum saytların dağılması və sair baş verdi. Budur onların münasibəti. İran fars rejimi Azərbaycana qarşı heç bir zaman səmimi olmayacaqdır. Düşünürəm ki, bunu hər biriniz bilirsiniz. Ona görə də biz öz mövqeyimizi ortalığa qoymalıyıq və molla rejiminə qarşı başlanılan sanksiyalarda iştirak etməliyik. İndi kimlə dava edirsən et, – istəyirsən dəvə ilə elə, söhbət ondan getmir, – sənin dövlət mövqeyin olmalıdır. Milli Məclis Azərbaycanda hakimiyyətin bir qoludur. Biz burada bu məsələni müzakirə etsək, nə itiririk? Hər halda mövqeyimizi ortalığa qoyuruq. Son qərarı vermək, təbii ki, ölkə Prezidentindən asılıdır, çünki Azərbaycan prezidentli respublikadır. Ona görə xahiş edirəm, yaz sessiyasında İran–Azərbaycan münasibətlərinin müzakirəsi ilə bağlı məsələ gündəliyə salınsın.
İkincisi, burada deyildi, bəli, başa düşürük ki, Fransanın qərarını gözləmək lazımdır. Şükürlər olsun ki, Türkiyənin ermənilərin himayəsi altında olan və Azərbaycanın onlara bənzər bir sıra qəzetləri istisna olmaqla, Azərbaycan iqtidarından başlamış cəmiyyətin bütün təbəqələri Fransa Senatının bu antidemokratik qərarına qarşı mövqeyini birmənalı şəkildə ortalığa qoydu. Əlbəttə, bu, sevindirici haldır. Düşünürəm ki, biz Türkiyə ilə bərabər bu sınaqdan da uğurla çıxa biləcəyik. Lakin bununla bərabər, unutmayaq ki, Fransa Ermənistanı birmənalı şəkildə himayə edir. Heç bir zaman Qarabağ probleminin həllində, işğal olunmuş torpaqların azad edilməsi məsələsində Fransa öz neytrallığını saxlaya bilməyəcəkdir. Ona görə də biz parlament olaraq Fransanın Minsk qrupundan azad edilməsi məsələsini müzakirə edib, qərarımızı verməliyik. Biz bu qərarı verək, sonra baxaq görək, buna münasibət necə olacaq. Ola bilsin, bu addımın özünün də müsbət təsiri ola bilər.
Bir daha təkrar edirəm, biz bu ciddi məsələlərdən niyə çəkinməliyik? Fransız xalqına böyük hörmətimiz var, Fransa dövlətinin ənənələrinə böyük rəğbətimiz var. Ancaq Sarkozi başda olmaqla onun iqtidarı erməniləri birmənalı şəkildə himayə edirsə, biz nəyə görə ona qarşı mövqeyimizi açıq şəkildə bildirməli deyilik? Burada rəhmətlik Şamil müəllimin sözü yada düşür. Ona görə belə düşünürəm ki, bu da gündəliyə gətirilməli və müzakirə olunmalıdır.
Üçüncü məsələni də demək istəyirəm. Bu, Azərbaycanda İnformasiya təhlükəsizliyi haqqında qanunun işlənib hazırlanması ilə bağlıdır. Dəfələrlə burada bu məsələ qaldırılıb. Hörmətli Ziyafət müəllim, hörmətli sədarət, bu son dərəcə vacib bir məsələdir. Ona görə çox xahiş edirəm ki, müvafiq şöbələrə, komitələrə tapşırıq verilsin və İnformasiya təhlükəsizliyi haqqında qanun layihəsi hazırlansın və müzakirəyə çıxarılsın.
Burada Azərbaycanla bağlı məsələ müzakirə olundu. Azərbaycanın ərazisi Şimaldan, Cənubdan və Qərbdən ibarətdir. Dərbənd onun bir əyalətidir. Ermənistan deyilən bir məkanda 28 min kvadrat kilometr ərazi Qərbi Azərbaycan torpaqlarıdır. Azərbaycanın torpaqlarının 65 faizi Cənubi Azərbaycanda, 35 faizi Şimali Azərbaycandadır. Bu məsələ, düşünürəm ki, tarix kitablarında, elmi məqalələrdə var. Sadəcə olaraq, bunu biz hüquqi anlayış kimi sənədlərdə ifadə etməliyik.
Məncə, bunun üçün növbəti illərdə Konstitusiyanın ərazidən bəhs edən 11-ci maddəsinə xüsusi bir maddə əlavə etmək olar ki, Azərbaycanın ərazisi Şimal, Cənub və Qərbdən ibarətdir. Düşünürəm ki, bu da olmalıdır. Biz tarixi həqiqətlərin üzərinə getməliyik. İndi biz müstəqil dövlətik, başımızın üstündə sovetin Demokl qılıncı yoxdur. Ona görə də hansı məsələlər bizim milli maraqlarımıza, dövlət maraqlarımıza uyğundursa, xalqın baxışlarını, taleyini həll edirsə, biz onları Milli Məclis olaraq müzakirə etməliyik və öz iradəmizi ortalığa qoymalıyıq. Bir də, gəlirəm onun üstünə ki, ümidvaram, Siyasi partiyalar haqqında qanun da, nəhayət, yaz sessiyasında müzakirəyə çıxarılacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının başlanması münasibəti ilə bütün həmkarlarımı ürəkdən təbrik edir, fəaliyyətlərində və həyatın bütün sahələrində uğurlar arzulayıram. Yaz sessiyasının qanunvericilik işləri planına çox sanballı qanun layihələri daxil edilib.
Fürsətdən istifadə edərək mən Rəqabət Məcəlləsinin və Təhsil krediti haqqında qanun layihələrinin bu sessiyanın qanunvericilik işləri planına daxil edilməsi ilə əlaqədar parlament rəhbərliyinə, şəxsən Milli Məclisin Sədri cənab Oqtay Əsədova təşəkkürümü bildirirəm. Həmin qanun layihəsinin komitədə müzakirəsinin təşkil olunmasında, nazirliklərə göndərilməsində, rəy alınmasında xidməti olan hər kəsə Oqtay müəllim başda olmaqla təşəkkür edirəm. Qanun layihəsinin saytlar vasitəsilə təqdimatına kömək göstərdiyinə görə İnformasiya resursları və texnologiyaları şöbəsinə təşəkkür edirəm. Bu təşkilatçılıq işində aparıcı rol oynayan İqtisadi qanunvericilik şöbəsinə təşəkkürümü bildirirəm.
Kifayət qədər sanballı qanun layihələri var. Amma deyilməyən bir məqama toxunmaq istəyirəm. Biz yeni qanunlardan daha çox hər bir sessiyada qanunvericilik sənədlərinə, yüzlərlə qanunlara əlavə və dəyişikliklər qəbul edirik. Artıq bunun da prinsiplərinin müəyyən edilməsinin zamanı çatıb. Bu barədə mən bəzi fikirlərimi bildirmək istərdim. Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub və yeni mərhələdə qanunvericilik sənədlərinə əlavə və dəyişikliklər edəndə iki istiqamətin prioritet kimi götürülməsini vacib hesab edirik.
Birinci, artıq ilk mərhələdə qəbul edilmiş qanunlara əlavə və dəyişikliklər edilməsinin xeyri yoxdur, həmin qanunların yenidən işlənməsi praktikasını Milli Məclis uğurla davam etdirir. Bu istiqamətdə işlər görmək vacibdir. Mən bir qanun layihəsi barədə danışmaq istərdim. O qədər də uzun olmayan bir dövrdə, 13 il bundan qabaq, 1999-cu ildə qəbul edilən “Tibbi sığorta haqqında” Qanuna nə qədər əlavə və dəyişikliklər edilsə də, bu işləmədi. Ev, maşın xəsarət alırsa, sığorta mexanizmi vasitəsilə kompensasiyası verilir. İnsanın sağlamlığı xəsarət alır, amma sığorta mexanizmi vasitəsilə həmin insana heç bir kömək göstərmək olmur. Evin, maşının təmirinə kredit verilir, insanın təmirinə kredit verilmir. Bu da çox müəmmalı bir vəziyyət yaradır.
Əgər insanın sağlamlığı yoxdursa, evi, maşını onun nəyinə lazımdır? Ona görə də bir təkliflə çıxış etmək istəyirik. Müxtəlif regionların, Gəncə, Şəki, Quba, Lənkəranın timsalında pilot layihələr həyata keçirilməsinə başlansın. Məhz 2012-ci ildən pilot layihələr həyata keçirilməyə başlansın. Başqa qanunları təkmilləşdirən zaman tətbiq etdiyimiz praktikadan yararlanaraq bizə yaxın ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində addımlar atılsın. Artıq bu qanunun işləməməsinin səbəbləri obyektiv surətdə ortaya qoyulsun. Lazımdırsa, tibbi sığorta haqqında yeni bir qanun hazırlanması yaz sessiyasının gündəliyinə daxil edilsin və bu məsələ həll olunsun.
İkinci, təkmilləşdirmə məqamları ilə bağlı qeyd etmək istərdim ki, artıq Azərbaycan inkişafın yeni bir mərhələsinə qədəm qoyub. Burada təkmilləşdirmə zamanı çox sanballı təkliflərlə yanaşı, bəzən bir sözün dəyişdirilməsi ilə bağlı gündəliyə məsələ çıxarılır. Bunun da bir sistem halına salınmasını vacib hesab edirik. Məsələn, deputatların seçicilərlə görüşləri zamanı qaldırılan məsələlərin bilavasitə qanunlarda nəzərə alınması vacibdir. Bu, xüsusən özünü mülkiyyət hüququnun pozulmasında, dövlət ehtiyacları üçün alınmış hansısa bir mülkiyyətin haqqının ödənilməsindəki süründürməçilikdə, torpaq bölgüsündəki problemlərdə, müavinətlərin azlığı ilə bağlı məsələlərdə göstərir. Qanunvericiliyə dəyişikliklər və əlavələr edilən zaman məhz vətəndaşların, seçicilərin qaldırdıqları məsələlər nəzərə alınmalıdır.
Üçüncü, Milli Məclisin səlahiyyətlərinin artırılması istiqamətində görülən işlərdə bələdiyyə məqamı var. Ona görə də burada, qanunvericilik sənədlərində əlavə və dəyişikliklər edilən zaman bələdiyyələrin rolunun artırılması istiqamətində əlavələrin nəzərə alınması yerinə düşərdi.
Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması istiqamətində çox intensiv iş gedir. Ona görə də qanunvericilik layihələri təkmilləşdirilən zaman vətəndaş cəmiyyəti institutlarının rolunun da və nəhayət, Azərbaycan ətrafında gedən proseslərin də qanunvericilik sənədlərində imkan daxilində nəzərə alınması çox vacibdir.
Sabah Azərbaycanda Gənclər günü qeyd olunur. Bizim də Milli Məclisin gənc üzvləri var. Eyni zamanda, qəlbən gənc olan millət vəkilləri var. Fürsətdən istifadə edib onların timsalında bütün Azərbaycan gənclərini təbrik edir, həyatın bütün sahələrində uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, cənab Sədr. Mənim təkliflərim səhiyyə, əhalinin sağlamlığının qorunması və demoqrafik problemlərlə bağlı qanunların qəbul olunması və mövcud qanunlara dəyişikliklər edilməsi ilə bağlıdır. Hörmətli cənab Sədr, il yarım bundan öncə biz Milli Məclisdə Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun layihəsini birinci oxunuşda müzakirə etdik. O zaman qanun layihəsi deputat həmkarlarımızın bəziləri tərəfindən birmənalı qarşılanmadı, müəyyən haqlı və eyni zamanda, haqsız iradlar söylənildi. Həmin dövrdən keçən vaxt ərzində komitə tərəfindən bu qanun layihəsi üzərində mütəxəssislərin iştirakı ilə dəfələrlə iş aparılıb və söylənilən iradlar aradan qaldırılıb. Qanun layihəsində əsas etiraz doğuran surroqat ana müddəası aradan çıxarılıb. Demək olar ki, qanun layihəsi qəbul olunmağa tam hazırdır.
Onu da deyək ki, Azərbaycanda bu sahə ilə bağlı problemlər ildən-ilə artmaqdadır. Artıq ilkin bağlanan nikahlar arasında sonsuzluğun faizi 13-dən 15-ə qalxmışdır. Eyni zamanda, reproduktiv sağlamlıq problemini həll etmək üçün ildə bəlkə də yüzlərlə insan qonşu ölkələrə müraciət edir və on minlərlə dollar bahasına bu işləri həyata keçirir. Amma imkanı olmayan əhali isə, demək olar ki, bu xidmətdən məhrumdur. Qanun layihəsində isə reproduktiv xidmətlə bağlı bütün xərclərin dövlət büdcəsindən yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Xahiş edirəm, imkan daxilində yaz sessiyasında Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında qanun layihəsini biz qanunvericilik işləri planına daxil edək.
Digər təklifim Ailə Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlıdır. Bu məsələ də bir neçə dəfə həm komitə səviyyəsində, həm də ictimaiyyətdə müzakirə olunub. Milli Məclisdə də deputatlar tərəfindən səsləndirilib. Söhbət nikaha girən şəxslərin icbari tibbi müayinəsindən gedir. Azərbaycan endemik zona sayıldığı üçün talassemiya və hemofiliya xəstəliklərinin qarşısının alınmasından ötrü nikaha qədər insanların sağlamlıq vəziyyətləri müəyyənləşdirilməlidir. Nikah zamanı onlar özləri qərar qəbul etməlidirlər ki, dünyaya uşaq gətirsinlər, yaxud gətirməsinlər. Dövlətimiz, Heydər Əliyev Fondu tərəfindən bu sahəyə çox böyük diqqət yetirilir. Azərbaycanda bölgənin ən böyük, müasir talassemiya mərkəzi tikilib istifadəyə verilib. İldə bu işə təxminən 1 milyon manata qədər vəsait xərclənir. Amma talassemiya və hemofiliyalı uşaqlar da doğulmaqda davam edirlər. Bu layihə də komitə tərəfindən hazırlanıbdır, bir problem yoxdur. Əgər Milli Məclisin iradəsi olsa, biz buna yaz sessiyasında baxa bilərik.
Üçüncü təklifim “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əlavə və dəyişikliklərlə bağlıdır. Son dövrlərdə bir çox Şərq dövlətlərində, o cümlədən də Azərbaycanda uşağın cinsinin ultrasəs müayinəsi ilə təyin olunması və arzuolunmaz qız uşaqlarının selektiv abort edilməsi meyli artmaqdadır. Düz 5 ildir biz bu məsələni qaldırmışıq. Mütəxəssislər həyəcan təbili döyürlər, amma təəssüf ki, selektiv abortun sayı azalmır. Artıq ötən ilin statistikasına görə, hər 100 doğulan oğlan uşağına 100–125 qız uşağı doğulur. Əgər belə davam edərsə, 20 ildən sonra Azərbaycanda ən azı 100 evlənən gəncdən 25–30-u yad dilli gəlin gətirməli olacaqdır. Bu, doğrudan da, demoqrafik və milli bir problemdir. Bunun qarşısını almaqdan ötrü qanunda, sadəcə, bir dəyişiklik etmək lazımdır ki, Azərbaycanda, əgər tibbi göstəriş yoxdursa, uşağın cinsinə görə ultrasəs müayinəsi, selektiv abort aparılması qadağandır.
Cənab Sədr, mənim söylədiyim üç təklif bunlardır. Bunların üçü də komitə tərəfindən müzakirə olunub, çox vaxt aparan məsələlər deyil. Bunların yaz sessiyasının qanunvericilik işləri planına salınmasını təklif edirəm.
Fürsətdən istifadə edib bir təklif də vermək istəyirəm. Bizim gündəlikdə bir məsələmiz qalır. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanun layihəsi birinci oxunuşda hamı tərəfindən birmənalı dəstəkləndi. İmkan varsa, biz fasiləsiz işləyək və bu məsələyə də baxaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fasiləsiz işləyə bilməyəcəyik, çünki sizdən başqa 18 deputat çıxış üçün yazılıb. Fasilə edək.
(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Hörmətli həmkarlar, xahiş edirəm, yerlərimizi tutaq. 2012-ci ilin yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsini davam etdiririk. Əli Əhmədov, buyurun.
Ə.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Mən belə düşünürəm ki, yaz sessiyasının qanunvericilik işləri planı ilə əlaqədar kifayət qədər geniş müzakirələr keçirildi və bunu sona çatdırmaq olar. Amma bir halda ki, fasilədən sonra da çıxış etmək üçün mənə söz veribsiniz və bu müzakirələr davam etdiriləcək, mən də əvvəlcədən planlaşdırdığım, amma müəyyən dəyişiklik etdiyim fikirləri səsləndirmək istəyirəm. Toxunmaq istədiyim mövzu ilə əlaqədar mən parlamentin qarşısında bir dəfə təklif irəli sürmüşəm. Digər parlament üzvləri də bu məsələ ilə əlaqədar münasibətlərini bildiriblər.
Mənim indi Azərbaycan Milli Məclisinin gündəliyinə salmaq üçün təklif etmək istədiyim məsələ azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədardır. Bu il, 2012-ci ildə azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiyasının 65-ci ildönümü tamam olur. Bu, bir neçə il davam edən proses idi və onun başlanğıcı, əslində, 1947-ci ildən qoyulmuşdu. Beləliklə də, 65 il bundan əvvəl azərbaycanlılar Ermənistandan kütləvi surətdə deportasiyaya məruz qaldılar. Əslində, Ermənistanda təkmilli tərkibin formalaşdırılması istiqamətində çox ciddi addımlardan biri atıldı. Sovet hökumətində bir çox xalqlar deportasiyaya məruz qalıblar. Deportasiyaya məruz qalmış xalqların əksəriyyəti müəyyən müddət keçəndən sonra öz hüquqlarını bərpa edə biliblər, qovulduqları, köçürüldükləri yerə qayıdıblar, müəyyən kompensasiyalar alıblar.
Eyni zamanda, onu da bildirmək istəyirəm ki, sovet hökumətinin, Stalin rejiminin deportasiyaya məruz qoyduğu xalqların deportasiyası üçün ciddi obyektiv, ədalətli əsaslar olmasa da, bəhanə kimi istifadə oluna biləcək bir amil var idi, bu da müharibə vəziyyəti və bununla əlaqədar yaranmış münasibətlər idi. Baxmayaraq ki, bunu da ədalətli və obyektiv əsas saymaq olmaz, amma müəyyən prizmadan baxanda bir bəhanə kimi istifadə etmək mümkündür. Həmin millətlərin hamısı, dediyim kimi, deportasiyadan sonra bəraət qazandılar, onların hüquqları bərpa olundu, öz yerlərinə qayıtdılar. Yeganə olaraq Stalin rejiminin, sovet hökumətinin deportasiyaya məruz qoyduğu azərbaycanlılardır ki, bu günə qədər onların hüquqları tanınmayıb, onlara kompensasiya ödənilməyib, onlar qovulduqları, köçürüldükləri yerlərinə qayıda bilməyiblər.
Mən belə hesab edirəm ki, azərbaycanlıların Ermənistandan deportasiya olunmaları üçün o zaman istifadə olunacaq hər hansı bir bəhanə belə yox idi. Nəinki yox idi, nəyi isə bəhanə edib azərbaycanlıları Ermənistandan köçürmək üçün addım atmaq mümkün belə deyildi. Deportasiya üçün əsas kimi qəbul olunan bir bəhanə var idi, bu da Ermənistanın milli tərkibinin dəyişdirilməsi, milli təmizləmənin həyata keçirilməsi, azərbaycanlıların oradan qovulması və beləliklə də, Ermənistanda, dediyim kimi, təkmilli tərkibin formalaşdırılması istiqamətində ciddi addımın atılması idi.
Beləliklə də, Ermənistanda azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə azaldı ki, bu da sonradan Ermənistandan azərbaycanlıların qalan hissələrinin köçürülməsi üçün erməni hakimiyyətinə və ermənilərə müəyyən arqumentlər vermiş, əsaslar yaratmış oldu, yəni qüvvələr nisbəti əhəmiyyətli dərəcədə dəyişdi. Mən hesab edirəm ki, bu haqsızlığa son qoyulmalıdır. Deportasiyaya məruz qalmış bütün xalqlar öz hüquqlarını bərpa etdikləri kimi, Ermənistandan deportasiyaya məruz qalan azərbaycanlıların da hüquqları bərpa olunmalı, tanınmalıdır.
Güman edirəm ki, Azərbaycanın Milli Məclisi bu istiqamətdə əhəmiyyətli işlər görə bilər. Ən azından Azərbaycanın Milli Məclisi öz qərarı ilə Ermənistandan köçürülmüş azərbaycanlıların deportasiyaya məruz qalmış insanlar kimi hüquqlarını tanıya, bu məsələləri gündəmə gətirə bilər. Deportasiya nəticəsində on minlərlə insan həlak oldu, ailələr dağıldı, qohumlar, yaxınlar bir-birlərindən ayrı düşdülər. Yüz illər boyu formalaşmış mədəni, sosial mühit tamamilə pozuldu və insanlar böyük humanitar fəlakətlə üzləşməli oldular. Bu, bütövlükdə azərbaycanlılara qarşı məkrli qüvvələr tərəfindən edilən haqsızlıqlar silsiləsində əhəmiyyətli yer tutan haqsızlıqdır. Güman edirəm ki, bütövlükdə azərbaycanlılara qarşı törədilən ədalətsizliklərə, haqsızlıqlara qarşı apardığımız haqlı mübarizəmizdə bu da öz yerini tutmalıdır.
Azərbaycan Milli Məclisi bu məsələyə münasibətini bildirəndən və müvafiq qərar qəbul edəndən sonra Avropanın müvafiq qurumlarına da müraciətlər edilə bilər. Güman edirəm ki, Azərbaycanın bu müraciəti əsasında Avropanın müvafiq qurumları deportasiyaya məruz qalmış azərbaycanlıların hüquqlarının bərpa edilməsi ilə əlaqədar lazım olan addımları atarlar. Bu, sovet, Stalin rejiminin yaratdığı haqsızlıqlardan biri idi. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu haqsızlıq o zaman Azərbaycan millətinə və xalqına qarşı çevrilmişdi. Güman edirəm ki, Azərbaycanın Milli Məclisi bu məsələyə diqqətlə yanaşacaqdır.
Diqqət yetirmək istədiyim ikinci məsələ iclasın birinci hissəsində səsləndirilən İran–Azərbaycan münasibətləri ilə əlaqədardır. Azərbaycanın həyata keçirdiyi xarici siyasətin hamımızın xüsusi qürur hissi ilə qeyd etdiyimiz cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan xarici siyasətini həyata keçirərkən özünə dostlar qazanır, dostlarının sayını çoxaldır. Həyata keçirdiyimiz bu siyasətin hədəflərində ilk növbədə, təbii ki, qonşularımız olmalıdırlar. Azərbaycan öz dostlarını ilk növbədə qonşularının içərisində tapmalıdır və bu münasibətləri də inkişaf etdirməlidir. Azərbaycan bir dövlətdən başqa öz qonşuları ilə çox yaxşı münasibətlər qurubdur. Həmin münasibətləri hazırda da inkişaf etdiririk. Azərbaycanın bütövlükdə xarici siyasəti ayrı-ayrı mətbuat orqanlarında özünə yer tutan atmacalara istinad edə, bunlar əsasında qurula bilməz. İran dövlətinin Azərbaycana, Azərbaycan dövlətinə rəsmi münasibətini İran hakimiyyətinin rəsmi nümayəndələrinin bəyanatlarında görmüşük. Mən hesab edirəm ki, biz bu münasibətləri yaxşılaşdırmaq, möhkəmləndirmək, həmin münasibətlərin Azərbaycan dövlətçiliyinin maraqlarına xidmət etməsi istiqamətində səylərimizi artırmağa çalışmalıyıq.
İstənilən münasibəti pozmaq üçün ehtiyatsız deyilən bir söz kifayət edir. Amma münasibətləri yaxşılaşdırmaq, istiləşdirməkdən ötrü bəlkə də aylarla, illərlə çalışmaq, zəhmət çəkmək lazım gəlir. Azərbaycanın rəsmi siyasətində İranla əlaqədar yaranmış vəziyyətlə bağlı tamamilə aydın münasibət ortadadır. Bu problemlərin, gərginliklərin dinc vasitələrlə aradan qaldırılması Azərbaycanın xarici siyasətində açıq şəkildə özünü göstərir. Bütün bunları əldə rəhbər tutaraq mən hesab edirəm ki, bizim rəsmi nümayəndələr, o cümlədən də Azərbaycan parlamentinin üzvləri İranla Azərbaycan arasında münasibətlərin korlanmasına səbəb ola biləcək hər hansı ehtiyatsız addımların atılmasına çağırışlar etməməlidir.
Əgər hər hansı münasibətlərdə gərginlik, anlaşılmayan cəhətlər varsa, bütün bunların hamısının danışıqlar əsasında, daha başqa formalarla aradan qaldırmaq mümkündür. İranla Azərbaycan təkcə qonşu deyildirlər. Bizim münasibətlərimizi təyin edən, formalaşdıran, həmin münasibətlərin mahiyyətini və xarakterini müəyyənləşdirən çoxlu digər məqamlar var. Ən azından İranda yaşayan əhalinin yarısı azərbaycanlılardır. Mən hesab edirəm ki, bütün bunlar bizim danışıqlarımızda da, bəyanatlarımızda da, hərəkətlərimizdə də ciddi şəkildə nəzərə alınmalıdır. Biz məhz bu istiqamətdə dost tapmaq, dostluğu möhkəmləndirmək, Azərbaycanın maraqlarına uyğun işlərə xidmət edən hərəkətlər etməli və bəyanatlar verməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, nəzərə alın ki, bizim bir qanun layihəmiz də ikinci oxunuşda müzakirə olunmalıdır. Etiraz etmirsinizsə, 5 dəqiqəlik reqlamentə keçək və bir neçə çıxışdan sonra artıq növbəti məsələni müzakirə edək. Etiraz yoxdursa və ya təkid edən yoxdursa, keçək. Astan Şahverdiyev təkid edir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
A.Şahverdiyev. Hörmətli Ziyafət müəllim, hörmətli sədarət, hörmətli həmkarlarım! Mən Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı bir məsələni diqqətinizə çatdırmaq istəyirəm.
Bildiyiniz kimi, 2009-cu il martın 18-də ölkədə referendum keçirildi və Konstitusiyamızın 29 maddəsinə 41 dəyişiklik qəbul olundu. Dəyişiklik edilən maddələrdən biri də Konstitusiyamızın 96-cı maddəsidir. Konstitusiyanın 96-cı maddəsinin altıncı bəndində deyilir: “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir”. Referendumun keçirilməsindən 3 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, hələ də bu barədə biz qanun qəbul etməmişik. Təklif edirəm ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında qanun layihəsi daxil edilsin. Bu bir daha Fransa kimi ölkənin Senatına göstərər ki, Azərbaycanda insan hüququ yüksək səviyyədə qorunur.
İkinci məsələ. Ziyafət müəllim, qanunvericilik işləri planında Elm siyasəti haqqında qanun layihəsi var. Aydındır ki, “Təhsil haqqında” Qanunu qəbul etmişik, bu, ana qanundur və bununla bağlı bir neçə törəmə qanunlar olacaq, o cümlədən ali təhsil haqqında. Mən hesab edirəm ki, Elm siyasəti haqqında qanun qəbul etməzdən əvvəl ali təhsil və yaxud da orta təhsil haqqında qanunlar qəbul etmək lazımdır, çünki əvvəl təhsil, sonra elm gəlir.
Üçüncü, hörmətli Əli müəllim Əhmədovun qaldırdığı məsələ – azərbaycanlıların deportasiyası məsələsi çox mühüm və yüksək səviyyədə həll olunmalı bir məsələdir. Mən hesab edirəm ki, qanunvericilik haqqında düşünmək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə xanım təkid edir. Qənirə xanım da çıxış etsin, əgər təkid etmək istəyən yoxdursa, növbəti məsələyə keçək. Buyurun, Qənirə Paşayeva.
Q.Paşayeva. Sağ olun, Ziyafət müəllim. Mən, əsasən, yaz sessiyasının qanunvericilik işləri planı haqqında danışacağam və bir neçə təklifim var. Təklif edəcəyim məsələlər, əslində, qanun layihəsi şəklində bizim parlament komitələrində hazır şəkildə var. Amma çox təəssüf edirəm ki, yaz sessiyasının qanunvericilik işləri planına daxil edilməyib. Bunlar, əslində, çox vacib məsələlərdir və biz bunları müzakirə etməliyik.
Bunlardan birini hörmətli həmkarım Musa müəllim səsləndirdi. Reproduktiv sağlamlıq haqqında qanun layihəsi ətrafında gərgin müzakirələr oldu. Amma hər kəs fikrini söylədi və yenidən qanun layihəsi üzərində iş aparıldı. Qanun layihəsi yenidən müzakirə edilə və hər kəs öz fikrini söyləyə bilər. Layihəni daha da təkmilləşdirərik. Amma biz qanun layihəsini təkmilləşdirmək əvəzinə hər dəfə kənara qoyuruqsa, bundan cəmiyyətimiz heç nə qazanmır.
Bizim çox ciddi problemlərimiz var. Mən çox istərdim ki, həkim həmkarlarımız da bu məsələyə münasibətlərini bildirsinlər. Çox ciddi məsələlər var ki, qanunvericiliklə tənzimlənməlidir. Bunların tənzimlənməməsi çox ciddi mənfi fəsadlar doğurur və biz gələcəkdə ciddi problemlərlə üzləşə bilərik. Ona görə də mən hesab edirəm ki, Reproduktiv sağlamlıq haqqında qanun layihəsini yenidən müzakirəyə gətirmək lazımdır. Yenidən müzakirə edək, yeni təkliflər varsa, bunları da nəzərə alaq. Amma qanunvericilik səviyyəsində bu məsələ öz həllini tapmalıdır.
İkinci bir məsələ burada vurğulandı. Hörmətli Ziyafət müəllim, biz bir neçə müddət bundan əvvəl rayonlarda səfərlərdə olduq. Göyçay rayonuna da getmişdik. Burada bizə maraqlı rəqəmlər səsləndirirdilər. Ən ciddi məsələlərdən biri ondan ibarətdir ki, hər il talassemiyalı xəstələrin sayı sürətlə artır. Azərbaycanın hər yerində belədir. Talassemiya, hemofiliya irsi qan xəstəlikli uşaqların sayı getdikcə artır. Bir sıra amillər bu gün də, gələcəkdə də genefondda çox ciddi problemlər yaradacaq. Həm ailələr, həm cəmiyyət, həm də millətin genefondu üçün problemlər yaradır. Bunların qarşısının alınması istiqamətində Ailə Məcəlləsində dəyişikliklər məsələsi komitədə var idi. Söhbət nikaha daxil olan şəxslərin tibbi arayış təqdim etməsindən gedir.
Axı, burada insan haqlarına zidd nə var? Bunun bir əsası var ki, biz bunun üzərində dayana bilmirik? Burada anonimlik qorunur, insanların özlərinə, sadəcə, bu problemlər bildirilir. Ona görə də mən hesab edirəm ki, biz Ailə Məcəlləsində dəyişikliklərlə bu problemin öz həllini tapmasına yardım edə bilərik. Biz görəcəyik ki, bu zaman irsi qan xəstələrinin də sayı azalacaq. Eyni zamanda, gizli narkomaniya ilə də mübarizədə bu bizə çox ciddi şəkildə kömək edəcəkdir. Bu da bizim ən ağrılı məsələlərimizdən biridir. Bu səbəbdən ailələr dağılır, çünki bilmirlər. Nikahdan sonra məlum olur ki, narkomaniyadan əziyyət çəkən bir şəxs imiş.
Eyni zamanda, Ailə Məcəlləsindəki digər məsələ də gündəmdə idi. Bununla bağlı komitədə layihə də var idi. Əmlak müqavilələrindən söhbət gedir. Bu gün məhkəmələrə, bizə gələn müraciətlərə baxarkən bu sahədə nə qədər ciddi problemlər olduğunu görürük. Nikah müqaviləsi bağlanarsa, bu məsələnin öz həllini tapmasında yaranan problemlər çox ciddi şəkildə azala bilər. Ona görə də mən təklif edirəm ki, biz həm Reproduktiv sağlamlıq haqqında qanun layihəsində, həm də Ailə Məcəlləsində ediləcək dəyişikliklərdə nikah müqaviləsi, nikaha girən şəxsin tibbi arayış təqdim etməsi və əmlak müqaviləsi ilə bağlı məsələlərin öz həllini tapması ətrafında müzakirələr açıb, məqbul bir variantda bunları qəbul etsək, cəmiyyətdəki bu problemlər ciddi şəkildə azalar.
Mənim üçüncü təklifim də, əslində, komitədə olan hazır qanun layihəsi ilə bağlıdır. Avropa ölkələrinə baxaq. Hansı Avropa ölkəsində ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmayıb? Heç birində. Mən bir neçə gün bundan əvvəl televiziyada qarla bağlı reportaja baxırdım. Avtobusun içərisində reportaj alırlar, sürücü siqaret çəkir. Avtobusun içərisində də qadın, uşaq. Burada nə problem var? Kim siqaret çəkmək istəyir, getsin çəksin. Amma ictimai yerlərdə həm insanların sağlamlıqlarının qorunması, həm də, ümumiyyətlə, mədəniyyətin formalaşması üçün, əgər könüllü mümkün deyilsə, məcburi şəkildə, qanunvericilik əsasında bu məsələ həll olunmalıdır. İctimai, qapalı yerlərdə siqaretin çəkilməsinin tamamilə yasaqlanması mədəniyyətin oturması üçün çox önəmlidir. İkincisi də sağlamlıq məsələsidir.
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının statistikalarına, açıqlamalarına baxaq. Hesab edirlər ki, xərçəng, xüsusilə ağciyər xərçəngi xəstəliklərini yaradan ən böyük amillərdən biri tütün məhsullarıdır. Ona görə də həm siqaretdən istifadə etməyənlərin sağlamlıqlarını bu şəkildə, müəyyən təhdidlərlə qorumaq, həm də bu çirkin görüntünü aradan qaldırmaq üçün mexanizmlər işləyib, hazırlamaq da gərəkdir.
Ölkəmizdə böyük bir tədbir – Avrovizion keçiriləcək. Avropa ölkələrindən gələnlər ictimai yerlərdə olacaqlar. Ona görə mən hesab edirəm ki, bu qanun layihəsini müzakirə və qəbul edib, həyata keçirilməsində də ciddi mexanizmlər yaratsaq, çox yaxşı olar. Mən hazır şəkildə komitələrdə olan qanun layihələrinin qanunvericilik işləri planına salınmasını müsbət hesab edirəm. Mənə elə gəlir ki, ən azı yaz sessiyasında müzakirələr aparmaq bunların təkmilləşdirilməsi üçün çox vacib olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm, Qənirə xanım. Hörmətli deputatlar, hesab edirəm ki, qanunvericilik işləri planını müzakirə etmək üçün bizim kifayət qədər vaxtımız oldu, maraqlı təkliflər, qeydlər bildirildi. Əgər başqa bir fikir yoxdursa, xahiş edirəm, qanunvericilik işləri planını təsdiq edək. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.21 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, qanunvericilik işləri planı ilə əlaqədar kimin yazılı qeydləri varsa, xahiş edirəm, katibliyə təqdim etsin.
Növbəti məsələ Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Hadi Rəcəbli, buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
İcazə verin, mən də bir daha Milli Məclisin yaz sessiyasının ilk iclasında hamınızı ürəkdən təbrik edim, şərəfli siyasi fəaliyyətimizdə yeni-yeni uğurlar diləyim.
Məlum olduğu kimi, Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanun layihəsi 2011-ci il 23 dekabr tarixində Milli Məclisdə birinci oxunuşda müzakirə olunmuşdur. Müzakirələrdə millət vəkilləri İlyas İsmayılov, Fazil Mustafa, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Elmira Axundova, Qənirə Paşayeva, Sahib Alıyev və Musa Quliyev çıxış edərək qanun layihəsi ilə bağlı maraqlı təklif və rəylərini bildirmişlər. Səslənən fikirlərdə qanun layihəsinin zəruriliyi xüsusi vurğulanmış, sənədin daha işlək olması üçün bir sıra tutarlı məsləhətlər verilmişdir.
Bununla yanaşı, bəzi deputat həmkarlarım qanun layihəsinin 3-cü, 4-cü və 6.2-ci maddələri ilə bağlı bir sıra müddəaların aydınlaşdırılmasına ehtiyac olduğu haqqında iradlarını da bildirmişlər. Qeyd etmək istəyirəm ki, 3-cü maddə ümumi qaydada dövlət təminatlı yardım tədbirlərinin dairəsini nəzərdə tutur. Həmin maddədə müəyyənləşdirilən tədbirlərin həyata keçirilmə qaydası və icra mexanizmi növbəti, II fəsildə izah edilir. Hər bir dövlət təminatlı yardıma ayrıca maddə həsr edilir. Bu mənada 4-cü maddənin dağınıq skleroz üzrə dövlət proqramına həsr edilməsi, düşünürəm ki, çox əhəmiyyətli və lazımlıdır. Bu maddə dövlət proqramının hazırlanması və təsdiqi, proqramın əhatə dairəsi, maliyyələşdirmə mənbələri və proqramın icrasına nəzarəti müəyyənləşdirmək və tənzimləmək istəyindən irəli gəlmişdir. Düşünürəm ki, dövlət proqramının qəbulu, həyata keçirilməsi, ona nəzarət olmadan qanunun tam səmərəli işləməsi mümkün deyildir. Eyni zamanda, bu xəstəlikdən əziyyət çəkənlərə büdcə vəsaitləri məhz məqsədli şəkildə ayrılacaqdır.
Digər bir məsələ 6.2-ci maddədə dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlərin bələdiyyə vəsaitləri hesabına həyata keçirilə bilməsi imkanının nəzərdə tutulmasıdır. Əlbəttə, qeyd etmək lazımdır ki, 6.1-ci maddəyə görə bu şəxslərin müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəkdir. Lakin digər mənbələrin, o cümlədən bələdiyyələrin bu sahəyə vəsait ayırmasına niyə məhdudiyyət qoymalıyıq? Eyni zamanda, bu müddəa imperativ, yəni məcburi norma deyil. Təbii ki, bələdiyyələrin, eləcə də digər strukturların maliyyə imkanları olduqda bu sahəyə xeyriyyəçilər, qeyri-hökumət təşkilatları da vəsait ayıra bilərlər. Nəhayət, bu bir tənzimləyici normadır və gələcəkdə bələdiyyələrin imkanları artdıqca ərazilərində yaşayan şəxslərə yardım göstərə bilərlər. Biz son illərdə qəbul edilən bütün qanunlarda bələdiyyələrin bu cür sahələrə vəsait ayırmaq imkanlarını nəzərdə tutmuşuq.
Qeyd etmək istəyirəm ki, layihə sizə paylanandan sonra mütəxəssislərin iştirakı ilə bir daha sənəd nəzərdən keçirilmiş, 7.6-cı maddədən “dərhal” sözünün çıxarılması məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda, layihədə bir sıra redaktə xarakterli düzəlişlər də edilmişdir. Mən deputat həmkarlarımı ikinci oxunuşda müzakirələrdə fəal iştirak etməyə dəvət edirəm və eyni zamanda, layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bildiyiniz kimi, ikinci oxunuşun tələbinə görə biz qanun layihəsini müzakirə etməzdən əvvəl əsas kimi qəbul etməliyik. Ona görə, xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul olunması ilə bağlı fikrinizi bildirin.

Səsvermənin nəticələri  (saat 16.26 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə başlayırıq. Qanun layihəsi üç fəsildən ibarətdir. Bütün fəsillər üzrə müzakirə aparmaq olar. Amma səsverməni fəsil-fəsil aparacağıq. Buyurun, yazılın. Əhliman müəllim Əmiraslanov, buyurun.
Ə.Əmiraslanov. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mən də hesab edirəm ki, Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında qanun layihəsi çox vacib bir sənəddir. Bəzən biz bu xəstəliyi digər başqa patologiyalarla səhv, dəyişik salırıq. Sklerozdan söhbət gedəndə təbabətdən nisbətən az xəbəri olan insanlar bunu ümumi bir skleroz kimi qəbul edirlər. Amma sözün əsl mənasında bu çox, son dərəcə ağır bir patologiyadır. Bu gün müalicəsi də praktik olaraq tamamilə radikal, mümkün olan bir patologiya deyil. Bu patologiya elə bir mərhələyə gəlib çatıb ki, bunun həm diaqnostikası, həm müalicəsi, həm də profilaktikası üçün real vəziyyət yaranıb. Bu vəziyyət də ondan ibarətdir ki, çox böyük vəsait tutumlu diaqnostik müayinələr artıq mümkündür. Müalicəsi üçün vacib olan dərman preparatları son dərəcə bahadır. Yəni xəstələrin öz vəsaitləri hesabına bunu təmin etməsi mümkün deyil.
Digər tərəfdən, bu xəstələrin reabilitasiyası, bərpa müalicəsi çox böyük vəsait tələb edir. Bunlar üçün xüsusi sanatoriyalar, müalicədən sonrakı xüsusi reabilitasiya mərkəzləri tələb olunur. Ona görə də bu xəstələrin müalicəsi üçün, burada deyildiyi kimi, büdcədən xüsusi vəsait ayrılmalıdır. Dövlət proqramı olmalıdır, necə ki, şəkərli xəstələr, onkoloji xəstələr üçün dövlət proqramları var. Əgər biz bunu Səhiyyə Nazirliyinin büdcəsinin ixtiyarına buraxsaq, həmin xəstələrə radikal, optimal kömək göstərə bilməyəcəyik. Bir də fikir var ki, bu xəstələrin sayı çox azdır. Bu da düzgün fikir deyil. Statistika, mütəxəssislər var. Ola bilər, dəqiq deyil, amma bütövlükdə dünyada hər yüz min əhaliyə 7–10 xəstə düşür. Hesablasaq, görərik ki, bizim ölkədə də təxminən bu qədər xəstə var. Mənə elə gəlir ki, ona görə də biz bu qanunu hökmən qəbul etməliyik. Qanun qəbul olunduqdan sonra əsas məsələ bunun maliyyələşdirilməsidir, maliyyə vəsaitinin büdcədən ayrılmasıdır. Həmin xəstələr tam müalicə olunmurlar və ömürlərinin axırına qədər müalicə alırlar və onların müalicəyə və reabilitasiyaya ehtiyacları var.
Bu qanun layihəsi üzərində çox ciddi iş gedib, komitədə də, mütəxəssislərlə də müzakirə etmişik. Mənə elə gəlir ki, bu qanunu qəbul etsək, xeyli sayda vətəndaşlarımıza yaxından kömək göstərmiş olacağıq. Yəni onları ölkəmizin, əhalimizin tam hüquqlu, təminatlı üzvlərindən biri kimi təmin edə biləcəyik. Çünki həmin insanlara bu cür qayğı, köməklik göstərilməsə, onların yaşamaları çox çətin və ağır olur. Mən deputat həmkarlarımı qanun layihəsinin qəbul olunmasına səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gülər Əhmədova.
G.Əhmədova. Təşəkkür edirəm, Ziyafət müəllim. Əhliman müəllimin dediklərinə yalnız bircə əlavə etmək olar. Ümumiyyətlə, dünyada olan ən ağır xəstəliklərdən biri dağınıq sklerozdur. Ümumiyyətlə, bu xəstəliklə bağlı nə qədər də iş görsək, əlbəttə, azdır, çünki çox ciddi bir xəstəlikdir. İcazə versəydiniz, mən fürsətdən istifadə edib bu xəstəliklə bağlı iki məsələni bir daha nəzərinizə çatdırmaq istərdim.
Birincisi, bayaq Qənirə xanım reproduktiv sağlamlıq haqqında söylədi. Bu gün Azərbaycanda çox müzakirə olunan surroqat ana məsələsi, mənə elə gəlir ki, ictimaiyyəti ciddi surətdə çaşdırır. Deyə bilmərəm nəyə görə, amma bir çox insanlar bu qanunun qəbuluna mane olmağa çalışırlar. Bu da, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin əleyhinədir. Mən bir daha keçəndəfəki çıxışımı təkrar edərək demək istəyirəm ki, kimlərinsə arzusundan asılı olmayaraq, bu gün Azərbaycanda surroqat analar var. Kimlərinsə arzusundan asılı olmayaraq, bu gün Azərbaycanda insanlar surroqat anaların imkanlarından istifadə edirlər. Biz bu qanunu qəbul etməməklə məhz surroqat analığın kriminal tərəfinin yaranmasına şərait yaradırıq. Əgər bu məsələ qanunla tənzimlənərsə, surroqat ana tərəfindən doğulan uşaqların alver predmeti olmasından qaça biləcəyik. Yox, əgər doğrudan da, hesab etsək ki, Azərbaycanda bu qanun qəbul edilməməlidir, inanın mənə, bunun fəsadları olacaq. Zaman gələcək ki, Azərbaycanda bu məsələ ilə bağlı tamam başqa, artıq Cinayət Məcəlləsində nəzərdə tutulan hadisələrlə bağlı məsələlər qaldıracaqlar.
İkinci bir məsələ ilə bağlı xahiş etmək istəyərdim. Biz Azərbaycanda tibbi sığorta məsələsini zaman-zaman deyirik. Bu gün yatıb qalan və öz saatını gözləyən ən ciddi tibbi məsələlərdən biri tibbi sığorta məsələsidir. Mən çox xahiş etmək istəyirəm ki, bu məsələ ilə bağlı Sosial siyasət komitəsi təkliflərlə çıxış etsin. Keçən dəfə, hökumətin iclasında biz bu məsələni qaldıranda dedilər ki, layihə Nazirlər Kabinetindədir və hazırlanır. Amma mənə elə gəlir ki, Nazirlər Kabineti indiyə kimi layihə hazırlamayıb. Çox ciddi məsələdir. Azərbaycan əhalisinin çox böyük vəsaiti bu gün müxtəlif ölkələrə – İrana, Türkiyəyə, Almaniyaya axır. Tibbi sığorta olmaması baxımından bu qədər vəsaiti biz bu ölkələrə axıdırıq. Bu məsələlərlə bağlı xahiş edirik ki, Milli Məclisdə, müvafiq qurumlarda hər hansı bir addımlar atılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsini səsə qoyaq. Mən artıq qeyd etdim, qanun layihəsi üç fəsildən və 12 maddədən ibarətdir. Ona görə də I fəslə, 1–3-cü maddələrə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.34 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti II fəslə, 4–10-cu maddələrə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 16.35 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
III fəslə, 11–12-ci maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.36 dəq.)
Lehinə  98
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, ikinci oxunuşun tələblərinə uyğun olaraq qanun layihəsinə bütövlükdə münasibət bildirmənizi xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 16.36 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi. Bununla da iclasımız sona çatır. Növbəti iclasda görüşənə qədər.

 

EDİLMƏMİŞ  ÇIXIŞLARIN MƏTNLƏRİ

1 fevral 2012-ci il.
———
Sahibə Qafarova. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən həmkarlarım bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Mən də hesab edirəm ki, Fransa Senatı tərəfindən uydurma erməni soyqırımının inkarına görə cəzanı nəzərdə tutan qərarın qəbul edilməsi böyük ədalətsizlik, haqsızlıq və qanunun aliliyi prinsipinin pozulmasıdır. Bu, əslində, Fransanın demokratik bir dövlət, cəmiyyət kimi imicinə təsir göstərir, fikir, mövqe azadlığının həddindən artıq məhdudlaşdırılması deməkdir. Fransa Senatının bu qərarı hər şeydən əvvəl BMT-nin, ATƏT-in, Avropa Şurasının prinsiplərinə zərbədir. Bu, fikir və söz, iradə azadlığına qarşı yönəlmiş çox əhəmiyyətsiz bir qərardır. Eyni zamanda, Avropanın, Fransanın əsrlərdir müdafiə etdiyi, bu gün dünyada uğrunda böyük mübarizələr aparıldığı demokratik norma və prinsiplərə ziddir. İnsanların fikir, iradə azadlığı heç bir halda məhdudlaşdırıla bilməz, bu, yolverilməzdir.
AŞPA-nın nümayəndə heyətinin üzvü kimi deyə bilərəm ki, biz AŞPA-nın sessiyası çərçivəsində görüşdüyümüz, təmasda olduğumuz fransız parlamentarilərə də bununla bağlı etirazlarımızı çatdırdıq. Bildirdik ki, Fransa yüz il əvvəl baş verən məsələlərlə məşğul olursa, o zaman Azərbaycanın işğal olunmuş əraziləri, Xocalı soyqırımı və 1 milyon qaçqın və məcburi köçkünün məsələsinə də münasibətini ortaya qoymalıdır. Fransa Senatının qəbul etdiyi bu qərar problemdən başqa yeni heç nə gətirməyəcək.
Mən bir neçə kəlmə də bu məsələdə Azərbaycanı təqsirləndirənlərə demək istəyirəm. Azərbaycan həmişə populist, reallıqdan uzaq addımlar atmaqdan qaçıb. Əgər verilən bir vədin, söylənən bir bəyanatın arxasında əməli iş, real güc durmursa, onun heç bir əhəmiyyəti yoxdur. Əksinə, həmin bəyanatı səsləndirənlərin özlərinin nüfuzuna xələl gətirir. Azərbaycan həmişə realist siyasət həyata keçirir. Zənnimcə, əmin ola bilərik ki, bu məsələ ilə bağlı bütün mümkün addımlar atılıb və atılmaqdadır. Sadəcə, bunu bəyan, reklam etmək məqbul deyil. Ona görə də, səbrlə Azərbaycanın gördüyü işlərin nəticələrini gözləmək lazımdır.
İlyas İsmayılov. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü hüququ, yəni qanun layihələrinə və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ, Milli Məclisin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikası Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Bu altı subyektin içərisində Milli Məclisin deputatları birinci göstərilir. Lakin əvvəllər də bu məsələni dəfələrlə qaldırmağımıza baxmayaraq, Milli Məclisin qanunvericilik işləri planında (elə 2012-ci il yaz sessiyasının planında da) Milli Məclisin deputatlarının qanunvericilik təşəbbüsü hüququ nəzərdə tutulmur. Bəs bu konstitusion hüququmuzu biz necə həyata keçirməliyik? Düşünürəm ki, qanunvericilik işləri planında olan bu boşluq doldurulmalıdır. Bu bir.
İkinci, mən hələ 2007-ci ildə ikili vətəndaşlıq haqqında qanun layihəsini Milli Məclisin rəhbərliyinə təqdim etmişəm. Bu layihə Konstitusiyamızın 52-ci maddəsinin imperativ tələbindən doğur. Həmin maddədə vətəndaşlığın iki meyarı – ərazi və qan meyarları nəzərdə tutulub. Yəni Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunun bu imperativ tələbi həyata keçirilməlidir. Məlumdur ki, Azərbaycan Respublikası ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxslər SSRİ-nin süqutundan sonra keçmiş SSRİ-nin ərazilərində, bir çoxları da dünyanın bir çox ölkələrində yaşayıb fəaliyyət göstərirlər. Bəziləri də yaşadıqları ölkələrin vətəndaşları olmuşlar. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun etirafına görə, artıq 700 min azərbaycanlı Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Bu insanları və digərlərini də biz hüquqi və siyasi cəhətdən Vətənimizə bağlamalıyıq.
Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan Respublikası dünyada yaşayan 50 milyon azərbaycanlının Vətənidir. Axı, vətəndaşsız da Vətən olmaz. Biz ikili vətəndaşlıq haqqında qanun qəbul etməli və bu insanların Vətənə maneəsiz gəlib getmələrini, onların qarşılıqlı hüquq və vəzifələrə malik olmalarını təmin etməliyik.
Üçüncü, elə keçən ilin fevralında cənab Prezident Qazax rayonunun sakinləri ilə görüşdə korrupsiya ilə ciddi mübarizə aparılmasının vacibliyini qeyd etdi. Keçən il dekabrın 31-də Yeni il münasibətilə əhaliyə müraciətində də bu sahədəki mövqeyini bir daha təsdiq etdi.
Biz də bu istiqamətdə öz töhfəmizi verməliyik. Bu haqda fikirlərimi hökumətin 2011-ci il hesabatında bildirmişəm. Bir daha qeyd etmək istəyirəm, təəssüf ki, varlı adamlar biznesmenlər deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxslərdir. Ona görə də təcili surətdə Cinayət Məcəlləsinə vəzifəli şəxslərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına görə cinayət məsuliyyətini nəzərdə tutan maddə əlavə edilməlidir. Bəziləri deyə bilərlər ki, belə maddələr var (vəzifədən sui-istifadə etmə, vəzifə həddini aşma), lakin bunlar ümumi maddələrdir. Xüsusi maddələrin də ümumi maddələrdən üstünlüyünü hamı yaxşı bilir. Belə olmasaydı, qeyd edilən ümumi maddələrlə yanaşı, rüşvət alma, vəzifə saxtakarlığı və sair kimi maddələr qəbul olunmazdı.
Mən vəzifəli şəxslərin qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini təqdim etmişəm. Xahiş edirəm, onu müzakirəyə çıxarasınız. Bunu, bizi ağac qurdu kimi içəridən məhv edən korrupsiyaya qarşı mübarizənin effektivliyi tələb edir.
Elmira Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Gündəliyə təklif olunan məsələləri dəstəkləyirəm və onları kifayət qədər ciddi və aktual hesab edirəm. Keçən 20 illik müstəqilliyimiz dövründə dövlətçiliyimizin qorunmasının və möhkəmləndirilməsinin əsasını təşkil edən baza qanunların tam əksəriyyəti, demək olar ki, artıq qəbul edilmiş və hazırda onların üzərində təkmilləşdirmə işləri aparılmaqdadır.
Ölkəmizin dinamik inkişaf mərhələsində olduğunu, iri biznes layihələrinin həyata keçirildiyini, qeyri-neft sektorunda mühüm dəyişikliklərin baş verdiyini nəzərə alaraq gündəliyə təklif olunan bir sıra qanunların aktuallığı və əhəmiyyəti daha ön plana çıxır. Bu mənada mən xüsusilə Şəhərsalma və Tikinti Məcəlləsinin, Rəqabət Məcəlləsinin, kənd təsərrüfatına aid iki mühüm qanun layihələrinin yaz sessiyasının qanunvericilik işləri planına salınmasını müsbət hal kimi dəyərləndirirəm.
Bununla belə bir sıra təklif və mülahizələrimi sizlərlə bölüşmək istərdim. Mən yaz sessiyasının qanunvericilik işləri planında təhsilə aid bircə qanun layihəsi görürəm. Bu da Təhsil krediti haqqında qanun layihəsidir. Halbuki 2011-ci il payız sessiyasının açılışında da demişəm ki, biz təhsil qanunvericiliyi sahəsində gecikirik. Məsələn, MDB Parlamentlərarası Assambleyası tərəfindən hazırlanan 10-a yaxın model qanun təhsil sahəsinə aiddir. Bizdə isə hələ ki, təhsillə əlaqədar cəmi bir baza qanunu qəbul edilib. İctimaiyyət səbirsizliklə məktəbəqədər, orta və ali təhsil, texniki-peşə təhsili haqqında qanunların hazırlanmasını gözləyir. Bu qanunlar qəbul olunmadan biz təhsil sahəsində hər hansı ciddi islahatlara başlaya bilmərik. Qeyd olunan sahələrin indiki vəziyyəti bu qanunların qəbulunu çox aktual edir. Yenə təkrar edirəm, biz bu qanunların qəbulu işində xeyli gecikmişik. Soruşmaq istərdim: gecikmənin səbəbi nədir? Yanvarın sonlarında keçirilən Davos sammitindəki çıxışında ölkənin Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda keçirilən islahatların əsas məqsədi qara qızılı insan kapitalına çevirməkdir. Ona görə də Milli Məclis bu məsələni, yəni təhsil sahəsində islahatları və qanunvericilikdəki boşluqların aradan qaldırılmasını ön plana çəkməlidir.
Sosial sahəyə aid keçən sessiyada qeyd etdiyim kimi, bu sessiyada da Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında qanun layihəsinin gündəliyə salınmasına tərəfdaram. Bizim komitədə bu qanun üzərində iş artıq getməkdədir. Bilirəm ki, qanun maliyyə tutumludur, lakin onun vacibliyini nəzərə alaraq hörmətli Sədrdən xahiş edərdim ki, bu qanun layihəsinin tezliklə qanunvericilik işləri planına salınması və qəbul olunması üçün köməklik göstərsin.
Bir məsələni də vurğulamaq istərdim. Bir neçə il öncə Reproduktiv sağlamlıq haqqında qanun layihəsi müzakirə edilərək yenidən işlənməsi üçün komitəyə geri göndərildi. Müzakirələr zamanı millət vəkilləri bu qanun layihəsinin bəzi müddəaları barədə iradlarını bildiriblər, lakin indiki vaxta qədər adı çəkilən qanun layihəsinin qəbulu ilə bağlı heç bir yenilik yoxdur. Nəzərə almaq lazımdır ki, ölkədə keçən illər ərzində süni mayalanma və başqa müasir tibbi metodların sayı artıb. Bu proses uğurla həyata keçirilir, bunun nəticəsində ölkəmizdə yüzlərlə körpələr dünyaya gəlib. Həmçinin ultrasəs ilə uşağın cinsini müəyyən etmək nəticəsində çoxlu sayda selektiv abortlar həyata keçirilir, körpələr ana bətnindən götürülür, onların həyatına son qoyulur. Faktik olaraq, abort insan öldürməyə bərabərdir. Buna görə də düşünürəm ki, yuxarıda qeyd etdiyim münasibətləri tənzimləmək üçün hüquqi bazanı yaratmaq, həmin qanunu qəbul etmək lazımdır.
Xahiş edirəm, təkliflərimi nəzərə alasınız.
Flora Qasımova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Fransa Senatının fikir və söz azadlığına qarşı yönələn, Fransanın da Konstitusiyasına zidd olan qondarma erməni soyqırımını inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qərarı qəbul etməsi təkcə Türkiyəyə qarşı deyil, eyni zamanda, Azərbaycana qarşı da yönəlmişdir. ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın nümayəndələrinin 20 ildir Ermənistana, Dağlıq Qarabağa səfərləri zamanı Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, belə bir ərazilərin necə xarabalıqlara çevrildiyini öz gözləri ilə gördüklərini nəzərə alsaq, belə bir qərarı qəbul etməklə Fransanın Ermənistanın işğalçılıq siyasətinə necə dəstək verdiyini görərik. Bunun nəticəsidir ki, Ermənistan prezidenti Qarabağın azad olunmasından və Ağrının alınmasını isə gələcək nəsillərə tövsiyə etməsindən cəsarət və fəxrlə danışır.
Bir tərəfdən Ermənistanın təmənnasız silahlandırılması və ona maliyyə yardımının göstərilməsi, digər tərəfdən də siyasi və mənəvi dəstək verilməsi Azərbaycan torpaqlarının işğal altında saxlanılmasının əsas səbəblərindəndir.
100 il bundan əvvəl sübuta yetirilməmiş bir olaya görə belə canfəşanlıq edən Fransanın həmin yazıq, məzlum, guya soyqırımına məruz qalan ermənilərin 1918-ci ildə Azərbaycan torpaqlarında törətdikləri qətliamların nəticəsi olaraq təkcə Quba şəhərində aşkar edilən kütləvi məzarlıqdan xəbəri yoxdurmu? Ən yaxın tarixə dönək. 20 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistandan 250 min azərbaycanlını öz doğma yurdlarından zorla qovmuş, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, 1 milyon azərbaycanlını qaçqın və köçkün vəziyyətinə salmış, şəhərlərimizi və kəndlərimizi xarabalığa çevirmiş, bir gecədə Xocalıda olan yüzlərlə soydaşımızı qətlə yetirmiş, qocaya, qadına, körpə uşaqlara aman verməyən, insanlığa və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilən Xocalı soyqırımını törədən erməniləri Fransa müdafiə etməklə, onun bu cinayətlərinə haqq qazandırmırmı? Bu gün də torpaqlarımıza, meşələrimizə, təbii sərvətlərimizə qarşı soyqırımları davam edir. Bütün bunların məsuliyyəti kimin üzərindədir? Bu soyqırımları faktlarla, Ermənistan prezidenti başda olmaqla, soyqırımlarında iştirak edənlərin etirafları ilə, şahidlərlə sübuta yetirilmişdir. Onda biz Fransa Senatından tələb edirik ki, Xocalı soyqırımını tanısın və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından geri çəkilməsini tələb etsin.
Fransa bu qərarı qəbul etməklə qaçqın və məcburi köçkünlərimizi daha da hiddətləndirmişdir. 20 ildə məhrumiyyətlər içərisində yaşayan bu insanlar ATƏT-in Minsk qrupunun həmsədrlərinə inamlarını çoxdan itirmişlər. Həmin qərar Fransanın Konstitusiya Məhkəməsindən keçməsə belə, artıq bu hərəkəti ilə Fransa ermənipərəst olduğunu açıq şəkildə bütün dünyaya bildirdi. Onsuz da özlərinin də etiraf etdikləri kimi, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində heç bir irəliləyişə nail olunmadığı üçün Minsk qrupunun həmsədrliyinə yenidən baxılması, ya Fransanın başqa ölkə ilə əvəz olunması, ya da Türkiyənin də həmsədrliyə qatılması Dağlıq Qarabağ probleminin həllini sürətləndirər.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi