2012-ci il 30 mart tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  37

Milli  Məclisin  iclas  salonu.
30  mart  2012-ci  il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O. Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 92 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Almazbek Atambayev, Qırğız Respublikasının Prezidenti.
Qırğız Respublikası nümayəndə heyətinin üzvləri.

* * *

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin çıxışı dinlənilmişdir.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

30  mart  2012-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Z. Əsgərov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini.
Cənab Almazbek Atambayev Azərbaycanda rəsmi səfərdədir. Səfər çərçivəsində o, Milli Məclisə təşrif buyurub və bir azdan sizin qarşınızda çıxış edəcək. (Alqışlar.)

QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB ALMAZBEK ATAMBAYEVİN ÇIXIŞI

Hörmətli Oqtay Əsədov, hörmətli deputatlar, əziz dostlar! Bizim xalqlarımızın qardaşlığının dərin tarixi kökləri var. Bizim ellərimizin mədəniyyəti, tarixi bir, ata-babalarımız birdir. Biz türk atanın balalarıyıq. Biz türkük. (Alqışlar.)
Ötən əsrin 30-cu illərində repressiya zamanı 10 minə yaxın azərbaycanlı Qırğızıstana köçürüldü. Əlbəttə, bu onlar üçün bir faciə idi. İnsanların daşınması üçün nəzərdə tutulmayan vaqonlarda azərbaycanlıların köçürülməsi insanlığa heç cür sığmayan ağır bir sınaq idi. Bu hadisədən hamımız bir nəticə çıxardıq ki, biz hər şeyə birgə sinə gərərək, bir-birimizə kömək edərək yaşamalıyıq. Qırğızıstana köçürülən azərbaycanlılar burada yeni vətən qazandılar. Bu gün Qırğızıstanda yaşayan azərbaycanlılar arasında 3 professor, 3 elmlər doktoru, 30 elmlər namizədi, tibb, hüquq, sənaye və elm sahəsində respublikanın çoxlu sayda işçisi var. Azərbaycanlılar ölkə həyatının, demək olar ki, bütün sahələrində çalışaraq Qırğızıstanın inkişafına öz töhfələrini verirlər.
Əziz dostlar, qırğızların və azərbaycanlıların dövlətçilik yolu çox çətin və keşməkeşli olub. Atalarımız və babaları-mız çox cəsur və azadlığı sevən insanlar olublar. Onlar əsrlər boyu türk ruhunu özlərində qoruyaraq milli adət və ənənələrini bu günə qədər yaşadıblar. Biz atalarımızın və babalarımızın “Ataların sözü – xalqın gözü” deyiminə əməl etməliyik. Bu deyimin mənası bizim möhtəşəm “Manas” və “Dədə Qorqud” dastanlarında var. Çox hörmətli Heydər Əliyevin dediyi kimi, “Dədə Qorqud” və “Manas” qədim kökləri olan xalqlarımızın birgə tarixini və mədəniyyətini sübut edir. Bu həqiqəti rəhbər tutaraq, Qırğızıstan gələcəkdə də qardaş Azərbaycanla əlaqələrin daha da genişlənməsi üçün səy göstərəcək.
Əziz dostlar! Ölkələrimiz arasında əməkdaşlığın böyük perspektivləri vardır. Buna biz çox səmimi mühitdə, yüksək inam və anlayış mühitində keçmiş Qırğızıstan–Azərbaycan danışıqlarının gedişində əmin olduq. Hörmətli İlham Heydər oğlu ilə biz geniş əhatəli məsələləri müzakirə etdik. Ölkələrimizi möhkəm, sabit, müstəqil və inkişaf edən dövlətlərə çevirmək səylərində biz eyni fikir və baxışlara malikik. Biz həmçinin separatizmə qarşı, ölkələrimizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı uğrunda eyni mövqedən çıxış edirik.
Əziz dostlar! Nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Qırğızıstan və Azərbaycanın qarşılıqlı əlaqələri bir-birinin təşəbbüslərini qarşılıqlı surətdə dəstəkləmələri ilə fərqlənir. Bir çox, praktiki olaraq bütün aktual beynəlxalq məsələlər üzrə bizim mövqelərimiz çox yaxın və ya eynidir. Bu il Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının – TÜRKPA-nın növbəti plenar iclası, daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti keçiriləcəkdir. Qırğızıstan tərəfi türkdilli dövlətlərin Qırğızıstanda keçiriləcək növbəti sammitini türkdilli dövlətlərin daha da yaxınlaşdırılması işində mühüm hadisə kimi qiymətləndirir. Bütün türkdilli dövlətlər arasında münasibətlərin, o cümlədən parlamentlər səviyyəsində həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir.
Əziz dostlar! Dövlətlərimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Qırğızıstan və Azərbaycan arasında müqavilə-hüquqi bazanın genişləndirilib təzələnməsinə ehtiyac vardır. Bəlli olduğu kimi, bir çox sazişlər hələ 1990-cı illərdə imzalanmışdır. Bununla əlaqədar olaraq müqavilə-hüquq bazası yenidən nəzərdən keçirilməlidir. İmzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin geniş spektrdə istiqamətlərini əhatə edir. Mən çox fəxr edirəm ki, Azərbaycana rəsmi səfərə gəlmiş ilk Qırğızıstan Prezidentiyəm. Hörmətli deputatlar, mən imzalanmış sənədlərin vaxtında qüvvəyə minməsi üçün sizin dəstəyinizə çox ümid edirəm.
Əziz dostlar, çox hörmətli Heydər Əliyev 1995-ci ildə “Manas” dastanının 1000 illiyinin qeyd olunduğu zaman demişdi: “Bizim qırğızlarla dilimiz bir, dinimiz birdir. Tarix bizə türk dövlətlərinin birliyini qurmaq üçün daha bir şans verib”. (Alqışlar.) Təşəkkürlər. Lakin bunun üçün türk res-publikaları ayağa qalxaraq güclü dövlətlərə çevrilməlidir.
Hörmətli dostlarım, Qırğızıstan iyirmi il əvvəl öz müstə-qilliyini elan etsə də, təəssüf ki, biz faktiki olaraq bu gün də güclü dövlətlərdən həm texniki, həm də fiziki olaraq asılıyıq. Məsələn, biz hər il çox çətinliklə digər ölkələrdən yanacaq idxal edirik. Bizi tez-tez diz çökdürməyə çalışırlar. Ancaq biz heç zaman onların köləsi olmarıq, heç zaman! (Alqışlar.) Çünki kölə kimi diz üstə yaşamaqdansa, ayaq üstə mərd ölmək yaxşıdır. (Alqışlar.)
Qırğızıstan və Azərbaycanın müstəqilliyi uğrunda ölmüş atalarımızın, babalarımızın xatirəsi bizə kömək etsin. Allah bizə kömək olsun. Qardaş Azərbaycan xalqına xoşbəxtlik və rifah arzulayıram. (Alqışlar.) Yaşasın Azərbaycan və Qırğızıstan dostluğu! Yaşasın Azərbaycan! (Alqışlar.)
Sədrlik edən. Cənab Prezident! Səmimi çıxışınıza görə, bu türkçülüyünüzə görə Sizə böyük minnətdarlığımızı bildiririk. Çox sağ olun! (Alqışlar.)


 
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ


7 mart 2012-ci il
————
İlyas İsmayılov. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili vəzifəsi Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir. Həmin qanunun 14-cü maddəsinin 2-ci bəndinə əsasən, “İllik məruzəsində insan hüquqlarını pozan, Müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir”. Təəssüf ki, göstərilənlər müvəkkilin illik məruzələrində tam mənası ilə öz əksini tapmır. Ötən illərdəki məruzələrlə bu məruzə arasında çox az fərq var. Əvvəllər tərəfimizdən verilmiş təkliflərin çox az hissəsi nəzərə alınmışdır, digər məsələlər isə olduğu kimi qalmaqdadır.
Müvəkkil öz məruzələrində mahiyyət baxımından daha ciddi, məsuliyyət doğuran məsələlərə çox səthi toxunur, bəzən həmin məsələnin adını çəkməklə kifayətlənir. Məsələn, azadlıq hüququ, şərəf və ləyaqətin müdafiəsi hüququ, mülkiyyət hüququ, müraciət etmək hüququ, fikir azadlığı və sair kimi məsələlər məruzənin ana xətti olmalı və özündə konkret təklifləri ehtiva etməlidir.
Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində azadlıq və şəxsi toxunulmazlıq hüququ aşağıdakı formada ifadə olunmuşdur:
“– Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir. Heç kim özbaşınalıqla həbs edilə və ya həbsdə saxlanıla bilməz. Heç kim qanunla müəyyən edilən əsaslardan başqa və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilməməlidir.”
Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II bəndlərində azadlıq hüququ belə ifadə olunmuşdur:
“I. Hər kəsin azadlıq hüququ vardır.
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.”
Müvəkkilin məruzəsində isə azadlıq hüququ dedikdə sanki şəxsiyyət vəsiqələrinin verilməsi başa düşülməlidir. Demək olar ki, azadlıq hüququ adı altında yalnız şəxsiyyət vəsiqələrinin verilməsindən bəhs olunur. Yaxşı olardı ki, müvəkkil burada qanuni prosedura uyğun olmadan azadlıqdan məhrum edilmiş şəxslərdən və onların sonrakı taleyindən, qanunsuz həbslərin qarşısının alınması ilə bağlı verdiyi təkliflərdən, qanunsuz həbsi həyata keçirən şəxslərin cəzalandırılmasından və nəhayət, əldə olunmuş nəticələrdən bəhs etsin. Axı hazırda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı o qədər də ciddi problem yoxdur.
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ aşağıdakı formada ifadə olunur:
“I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüqu-qu vardır.
II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.”
Məlumdur ki, demokratik cəmiyyətdə insan ali varlıq kimi dərk edilməli və hər şeydən öndə olmalıdır. Şərəf və ləyaqətin müdafiəsi hüququ da insan hüquqlarının tərkib hissəsi kimi çıxış etdiyindən buna daha da ciddi yanaşmaq tələb olunur. Müvəkkilin məruzəsində bu ciddi yanaşmanı görə bilmədim. Məruzədə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan münasibətlərin qarşısının alınması ilə bağlı 1-2 cümləyə rast gəldim. Eyni zamanda, 8-ci səhifənin 7-ci ab-zasında milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğun-laşdırılmasından bəhs olunur və təklif verilir. Sual yaranır ki, il ərzində müvəkkilə şərəf və ləyaqətin müdafiə olunması ilə bağlı hər hansı müraciət daxil olmayıb? “916” qaynar xəttə və ya ünvana yazılı şəkildə nə qədər müraciət edilib, əgər edilibsə, bunun neçə faiz olduğu və konkret nəticə məruzədə əksini tapmalı idi. Təəssüf ki, məruzədə bunlara rast gəlinmir.
Daha sonra məruzədə müvəkkilin keçirdiyi “dəyirmi masa”lar və təlimlərdən də bəhs olunur. Bunları müsbət qiymətləndirmək olar, lakin qeyd etməliyik ki, müvəkkil qeyri-hökumət təşkilatı deyil ki, vəzifələrinin əsasında təlim, “dəyirmi masa”ların və seminarların təşkili dayansın. Onun vəzifəsinin əsasında insan hüquqlarını pozan, müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslərlə bağlı tədbirlərin görülməsi kimi məsələlər dayanmalıdır.
Çox yaxşı olardı ki, Müvəkkil fəaliyyəti prosesində iki məsələyə də diqqət yetirsin:
Birincisi, məhkumların reabilitasiyasına. Müşahidələrimizə əsasən, məhkumluğu ödənilmiş şəxslər sonradan cəmiyyətə uyğunlaşmaq istəsələr də çox çətinlik çəkirlər, onların işlə təmin olunmasında, müxtəlif proseslərə qatılmalarında maneələr yaradılır, təbii ki, bu da onların hüquqlarının pozulması ilə nəticələnir.
İkincisi, bölgələrə, kəndlərə marağı artırmaq lazımdır. Treninq və seminarlara daha çox bölgələrdə yaşayan insanların ehtiyacı var. Daha çox hüquqları pozulan da onlardır. Bu baxımdan bölgələrə diqqətin ayrılmasını çox vacib hesab edirəm. Məruzədə elə fikirlər yer alıb ki, bunun Müvəkkillə bağlılığının olub-olmamasını ayırd etmək mümkün deyil. Məsələn, 19-cu səhifənin 2-ci abzasında qeyd olunur:
“2011-ci ildə Baş Prokurorluq tərəfindən aparılmış xid-məti yoxlamaların nəticəsi üzrə vətəndaşların hüquqlarının pozulması hallarına yol verdiklərinə görə 15 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir”. Bu fakt Baş Prokurorluq tərəfindən aşkarlanıbsa, Müvəkkilin məruzəsində niyə göstərilib? Əksinə, bu məsələ Müvəkkil tərəfindən Baş Prokurorluq qarşısında qaldırılıbsa, o zaman aydın izah olunmalı idi. Qeyd edim ki, məruzədə belə hallara çox rast gəlmək olar.
Həmişə olduğu kimi yenə də qeyd etmək istəyirəm ki, insan hüquqlarına kollektivin, toplunun hüquqları kimi yanaşmaq düzgün deyil. Nədənsə hər məruzədə insan hüquqları kollektivin hüquqları kimi göstərilir. İnsan hüquqları fərdi xarakter daşıyır və bu hüquqlar konkret olaraq hər bir fərdə şamil edilir. “İnsan hüquqları haqqında” 1948-ci il Bəyannaməsinin 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Paktının 16-cı maddəsində də göstərilir ki, hər bir insan harada olursa-olsun hüquq subyekti kimi qəbul olunmaq (tanınmaq) hüququna malikdir. “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Paktının 22-ci maddəsində də göstərilir ki, hər bir insanın, cəmiyyətin bir üzvü kimi... ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququna malikdir. Bu maddələrdə göstərilən “hər bir insanın” sözləri də təsdiq edir ki, insan hüquqları ayrı-ayrılıqda hər bir insana, fərdə aiddir. Lakin məruzədə bunlar nəzərə alınmamış, yenə də “uşaq hüquqlarının müdafiəsi”, “hərbi qulluqçularının müdafiəsi”, “qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi”, “məhbusların hüquqlarının müdafiəsi” və sair kimi yarımbaşlıqlar göstəril-mişdir.
Cavanşir Feyziyev. Hörmətli ombudsman öz məruzə-sində keçən il ərzində müxtəlif istiqamətlərdə görülmüş işlər haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, mülki və siyasi, iqtisadi və sosial hüquqların müdafiəsi, elmi-analitik işin təşkili, həmçinin beynəlxalq əlaqələr sahəsində xeyli zəruri işlər görülmüşdür. 2011-ci ildə insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərin hər biri öz təyinatına görə xüsusi əhəmiyyət kəsb edir.
Məruzədə göstərildiyi kimi, 2011-ci ildə ombudsmanın ünvanına daxil olan müraciətlərin sayı əvvəlki ilə nisbətən 9 faiz artmışdır. Müraciətlərin sayının artması düşünürəm ki, ilk növbədə regional mərkəzlərin səmərəli fəaliyyəti, əhali arasında hüquqi maarifləndirmə işinin genişləndirilməsi, eləcə də yerlərdə çoxsaylı görüş və qəbulların keçirilməsi, ictimai dinləmələrin təşkil edilməsi ilə bağlı olmuşdur. Azadlıqdan məhrumetmə yerlərinə, hərbi hissələrə, məcburi köçkünlərin yaşadıqları qəsəbələrə, sosial müdafiə, səhiyyə və təhsil müəssisələrinə çoxsaylı baxışların keçirilməsi və “qaynar xətt”in daim fəaliyyət göstərməsi kimi tədbirlər də müsbət ictimai rəyin yaranmasına və ombudsman təsisatına olan inamın artmasına imkan yaratmışdır.
2011-ci ildə Şəki şəhərinə səfəri zamanı hörmətli ombudsman bütöv bir iş gününü Şəki rayonlararası psixiatriya xəstəxanasında vəziyyətin öyrənilməsinə, respublikanın baş psixiatrı cənab Gəraybəylinin iştirakı ilə mövcud vəziyyətin təhlilinə və görülməli işlərin müəyyənləşdirilməsinə sərf etmişdi. Nəticədə vəziyyətin kökündən dəyişdirilməsinə, bu müəssisədə çalışan mütəxəssislərin və xüsusilə də müalicə alan xəstələrin hüquqlarının qorunmasına yönəlmiş zəruri tədbirlərin görülməsi üçün ombudsman tərəfindən müvafiq qurumlar qarşısında bir sıra məsələlər qaldırılmışdı.
Fürsətdən istifadə edərək hörmətli Elmira xanıma bu müəssisədə çalışan insanların təşəkkürünü çatdırmaqla bərabər qeyd etmək istəyirəm ki, elə bizə təqdim olunmuş icmalın 53-cü səhifəsində də ruhi xəstəlikdən əziyyət çəkən xəstələrin saxlanma şəraiti, qidalanma və müalicələrinin vəziyyətinin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı bir sıra təkliflər öz əksini tapmışdır. Hüquqlarının müdafiəsinə xüsusilə ehtiyac hiss olunan bir təbəqəyə ombudsman institutu tərəfindən göstərilən bu münasibəti cəmiyyətdə humanizm dəyərlərinin gücləndirilməsi baxımından təqdirəlayiq hesab edir və tezliklə bu təkliflərin reallaşdırılmasını arzulayırıq.
İllik məruzədə görülən işlərlə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına dair çoxsaylı təkliflər də öz əksini tapmışdır. Məruzədə irəli sürülən azadlıq hüququ, mülkiyyət hüququ, şərəf və ləyaqətin qorunması, sosial-iqtisadi xarakterli hüquqlarla, alternativ cəza növlərinin tətbiqi, əhalinin aztəminatlı təbəqəsinin təminatının yaxşılaşdırılması istiqamətində irəli sürülən, eləcə də səhiyyə sahəsi ilə bağlı təklifləri xüsusilə qeyd etmək istərdim.
Məruzədə həmçinin hüquqşünasların, o cümlədən Milli Məclisin hüquqşünaslarının iştirakı ilə maraqlı diskussiya obyekti ola biləcək təkliflər də vardır. Məsələn, məruzənin 52-ci səhifəsində yer almış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 448-ci maddəsinin 5-ci bəndinin Konstitusiyanın 127-ci maddəsinin müddəalarına zidd olması barədə təklif xüsusilə maraq doğurur. Həmin maddənin 5-ci bəndində göstərilir ki, “həbs qismində qəti imkan tədbirinin seçilməsinin və ya həbsdə saxlama müddətinin uzadılmasının rədd edilməsi haqqında hakimin qərarı elan edildikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəmənin qərarı ilə razı olmadığını və həmin qərardan apellyasiya instansiyası məhkəməsinə protest verəcəyini bildirdikdə, hakim öz qərarına təqsirləndirilən şəxsin müvəqqəti olaraq 7 (yeddi) gün müddətində ev dustağı və ya həbsdə saxlanılması barədə müddəa əlavə edir.”
Azərbaycan Respublikası Konstitusiyasının 127-ci mad-dəsində öz əksini tapmış hakimlərin müstəqilliyi, ədalət mühakiməsi, hakimlərin işlərə qərəzsiz, ədalətlə baxmaları, təqsirsizlik prezumpsiyasına əsaslanması və sair bu kimi müddəalar doğrudan da Cinayət-Prosessual Məcəllənin 448-ci maddəsinin 5-ci bəndini şübhə altına alır. İnsan hüquqlarının qorunması baxımından bu ziddiyyətin aradan qaldırılması kifayət qədər aktual görünür və müzakirələrdə həmin məsələyə hüquqşünaslar tərəfindən aydınlıq gətirilməsi də faydalı olardı.
Düşünürəm ki, ombudsmanın təkliflərinin böyük əksəriyyəti təxirə salınmadan qəbul edilməli və icra olunmalı təkliflərdir. Elmira xanımın bugünkü təqdimatı bir daha göstərdi ki, ombudsman təsisatı bir institut kimi artıq formalaşmış, dövlətin və cəmiyyətin qarşısında duran hədəflərə nail olunması işinə öz töhfələrini verən, habelə insanların etimadını qazanan bir təsisata, vacib bir ictimai tribunaya çevrilməkdədir.
Bütün bunlara əsaslanaraq biz Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında İnsan hüquqları üzrə müvəkkilin 2011-ci il üçün illik məruzəsini və ombudsmanın fəaliyyətini qənaətbəxş hesab edə bilərik. Mən bu sənədin lehinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram.

16 mart 2012-ci il
————
Sevinc Hüseynova. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hökumət üzvləri və millət vəkilləri!
Müzakirəmizə təqdim olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat, hesab edirəm ki, ölkəmizdə davamlı iqtisadi artımın təmin edilməsı və xalqın rifah səviyyəsinin mərhələlərlə yaxşılaşması istiqamətində həyata keçirilən tədbirləri və əldə olunan nailiyyətləri özündə əks etdirir. Sözsüz ki, mən də hesabatın qəbulunun lehinə səs verəcəyəm.
Eyni zamanda, bir məqamı qeyd etmək istərdim. Fərəhləndirici haldır ki, respublika Prezidenti cənab İlham Əliye-vin regionların sosial-iqtisadi inkişafı ilə bağlı apardığı uğurlu siyasət nəticəsində ölkəmizin bütün bölgələrində davamlı inkişaf təmin edilmiş, yeni iş yerləri açılmış, infrastruktur yeniləşdirilmiş, təhsil, səhiyyə və digər sahələrin obyektlərində təmir və yenidənqurma işləri aparılaraq müasir avadanlıqlarla təchiz edilmişdir. Bir sözlə, bu qurumlarda çalışan insanlar üçün lazımi iş şəraiti yaradılmışdır.
Bu müsbət dəyişikliklər, qeyd etdiyim kimi, ölkəmizin bütün bölgələrinə, o cümlədən təmsil etdiyim Gədəbəy ra-yonuna da aiddir. Təkcə elə bunu söyləmək kifayət edər ki, son illər ərzində rayonda fəaliyyət göstərən 85 ümumtəhsil məktəbinin 70-ində təmir və yenidənqurma işləri aparılmış-dır. Bu fonda diqqətinizi özünü rayonun təhsil və səhiyyə sahələrində daha kəskin göstərən kadr çatışmazlığına yönəltmək istərdim. Hazırda rayonun 32 məktəbində 11 fənn üzrə 135 pedaqoji kadra, tibb müəssisələrində isə 37 həkim və tibb işçisinə ehtiyac vardır.
Mövcud problem, peşəkar kadr qıtlığı həmin sahələrin inkişafına bilavasitə təsir göstərir. Məhz elə 2011-ci ildə rayon məzunlarının 37,98 faizinin attestat almaması, rayon abituriyentlərinin bütün imtahan fənləri üzrə göstəricilərinin respublika orta göstəricilərindən aşağı olmasının əsas səbəblərindən biri də bundan irəli gəlir.
Məsələnin həlli ilə bağlı aidiyyəti qurumlar tərəfindən görülən işlər ümumi vəziyyəti dəyişmir. Buna misal olaraq hesabat ilində rayonun məktəblərində vakant yerlərə informasiya-kommunikasiya texnologiyaları tətbiq edilməklə, ikimərhələlı müsabiqə əsasında seçilmiş 7 kadrdan 4-ünün nail olduğu iş yerində çalışmasını, digər 3 nəfərinin isə imtina etməsini göstərmək olar. Yəni 135 yerə tələbat olduğu halda 7 nəfər seçilir, bundan isə 4-ü qalıb işləyir.
Analoji hal, yəni kadr qıtlığı ölkəmizin digər dağlıq ra-yonlarında da mövcuddur. Düşünürəm ki, regionlarda kadr təminatı məsələsinin həll edilməsı, regionların sosial-iqtisadi inkişafının səmərəliliyinin daha da artırılması üçün regionlarda, dağlıq rayonlarda, ələlxüsus təhsil və səhiyyə sahələrində gənc kadrların calışmalarının stimullaşdırılması tədbirlərini nəzərdə tutan dövlət proqramının hazırlanması vacibdir.
Bu cür tədbirlərin həyata keçirilməsi regionların inkişa-fının səmərəliliyinin daha da artırılması ilə yanaşı, təhsil, səhiyyə və gənclər siyasəti sahəsində aparılan işlərə müsbət təsir göstərər.
Sonda sizləri və xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm!
Rüfət Quliyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, deputat həmkarlarım və hökumət üzvləri, dəvətli xanımlar və cənablar!
İlk növbədə Sizi qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edir və hər birinizə can sağlığı, uzun ömür, xoşbəxtlik, gözəl günlər və firavanlıq arzulayıram.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında fundamental və obyektiv reallıqları əks etdirən dərin məzmunlu hesabatı bir daha göstərdi ki, ötən ildə Azərbaycan baş verən kataklizmlərə, iqlim dəyişikliklərinə, təbii fəlakətlərə və dünyada hələ tam səngiməmiş iqtisadi və maliyyə böhranına baxmayaraq, həmişə olduğu kimi, yenə dinamik surətdə inkişaf etmişdir.
Sözsüz ki, bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndər Heydər Əliyev dühasından qaynaqlanan uzaqgörən daxili və xarici siyasət kursunun və hər sahədə məqsədyönlü titanik fəaliyyətinin nəticəsidir. Möhtərəm Prezidentimizin sədrliyi ilə cari il yanvar ayının 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı və fevralın 28-də “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı təhlilə əsaslanmış nitqləri bir daha göstərdi ki, ölkənin sosial-iqtisadi inkişafı, qüdrətlənməsi həmişə diqqət mərkəzindədir və Heydər Əliyev ənənələrinin estafeti uğurla, novatorluqla davam etdirilir.
Məlum həqiqətdir ki, hər bir ölkənin iqtisadi gücü onun ümumi daxili məhsulunun həcmindən asılıdır. Keçən il Azərbaycanda ümumi daxili məhsulun həcmi 50,1 milyard manat olmuş, artım isə 0,1 faiz təşkil etmişdir.
Ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmış, qeyri-neft sənayemizdə artım tempi 11,1 faiz olmuşdur. Kənd təsərrüfatında isə artım 5,8 faizə çatdırılmışdır.
Əvvəlki illərlə müqayisədə 2011-ci ildə ölkə üzrə ümumi daxili məhsulun artım tempinin aşağı olması neft istehsalının azalması ilə əlaqədardır ki, bu da hazırkı şəraitdə Azərbaycan üçün heç bir narahatlıq yaratmır. Çünki istənilən vaxtda neftin də, qazın da istehsalını artıra bilərik, təbii ehtiyatlarımız buna imkan verir. Sadəcə olaraq, ölkə izafi istehsala ehtiyac hiss etmir. Bu gün Azərbaycan Respublikasının valyuta ehtiyatlarının həcmi 41 milyard dollar təşkil edirsə, biz hər hansı bir iqtisadi problemlə rastlaşmaq qorxusundan çox uzağıq. Ancaq daxildəki bəzi bədxahlar əvvəlki illərdə “Azərbaycan Holland sindromu məngənəsindədir” deyə çığır-bağır salırdılarsa, indi də “Azərbaycanda kəskin iqtisadi geriləmə baş verir” deyə əl-ayağa düşüblər. Lakin ötən dövr göstərdi ki, Azərbaycan iqtisadiyyatı yüksələn xətt üzrə dinamik inkişaf edir və iqtisadi uğurlarımıza qara eynəklə baxanların hay-həşiri əbəsdir. İqtisadiyyatımızın bütün sahələrinin uğurlu inkişafı sübut etdi ki, Azərbaycan heç də tamamilə neft amilindən asılı deyil. Düzdür, iqtisadiyyatı-mızda neft sektoru həmişə prioritet sahə olub və bu gün də belədir. Ancaq neftdən gələn gəlirlər iqtisadiyyatın digər sahələrinin inkişafına xidmət edir və həmin sahələr də bu gün öz sözünü deməkdədir. Azərbaycanda təkcə 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 100-dək müəssisənin tikintisi isə davam etdirilmişdir.
Yaradılmış əlverişli investisiya mühiti nəticəsində 2011-ci ildə 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla 20 milyard dollar investisiya qoyulmuşdur. Bunun da 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür.
Ötən ildə Sahibkarlığa Yardım Milli Fondunun xətti ilə 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmişdir ki, bu məbləğin də 75 faizi regionlara ayrılmışdır.
Hər il olduğu kimi, 2011-ci ildə də davamlı iqtisadi artım ölkənin sosial yönümlü inkişafına təkan vermişdir. İl ərzində dövlət büdcəsindən sosial yönümlü xərclərə 16,5 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 33,2 faiz çox vəsait yönəldilmişdir. Baxmayaraq ki, 2011-ci ildə əhalinin pul gəlirləri 19,6 faiz artmış, inflyasiya 7,9 faiz olmuşdur. Yola saldığımız ildə 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır və indi ölkədə orta pensiya məbləği 180–190 dollar təşkil edir. Yoxsulluq səviyyəsi 7,6, işsizlik isə 5,4 faiz səviyyəsindədir. Ötən ildə müstəqilliyinin 20 illiyini qeyd etmiş Azərbaycan hazırda iqtisadi sahədə Cənubi Qafqazın şəriksiz lider dövlətidir və onun iqtisadiyyatı bölgə iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir.
Bu gün mən iqtisadçı alim kimi qürur hissi keçirirəm ki, biz indi qonşu dövlətlərə – Türkiyəyə, Gürcüstana, Ukraynaya, Moldovaya investisiyalar yatırırıq. Hazırda Azərbay-canın xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi investisi-yaların ümumi həcmi 6 milyard dollardan artıqdır. Qarşıdakı 5 ildə isə Azərbaycan Türkiyədə tək bir layihə üzrə – “Petkim–Holdinq”in yeni emal müəssisəsinin inşasına 5 milyard dollar investisiya yatıracaq. Yaxın vaxtlarda bu dövlətlərin siyahısına Balkan ölkələri və digərləri də əlavə olunacaqdır.
Ölkənin özündə də mütəmadi olaraq yeni istehsal sahələri yaradılır və onların coğrafiyası da genişlənərək, bütün regionları əhatə edir.
Regional inkişaf proqramı böyük vüsətlə həyata keçirilir ki, bu da bölgələrimizin iqtisadiyyatının güclənməsi, simasının dəyişib gözəlləşdirilməsi ilə yanaşı, əhali üçün də rahatlıq yaradır, yeni iş yerlərinin açılmasına təkan verir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq reytinq agentlikləri Azərbaycanın iqtisadi uğurlarını çox yüksək qiymətləndirmişlər. Ümumiyyətlə, son 20 ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 74,5 dəfə, xərcləri 82,7 dəfə, sosial yönümlü tədbirlərə ayrılan vəsait isə 41,5 dəfə artmışdır.
Həyata keçirilən irimiqyaslı layihələrə baxmayaraq, 2011-ci ildə Azərbaycanın dövlət borcu cəmi 4,2 milyard dollar olmuşdur ki, bu da çox məqbul göstəricidir. Müqayisə üçün qeyd edim ki, çox kiçik ölkə olan Ermənistanın dövlət borcu 4,5 milyard dollardır ki, bu da onun illik dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Digər postsovet ölkələrində də bu borc çox yüksək məbləğdədir. İqtisadi uğurlarımızdan çox danışıb vaxtınızı almaq istəmirəm. Necə deyərlər, görünən şəhərə bələdçi lazım deyil.
Deputat seçildiyim Lənkəran rayonu da 2011-ci ildə dinamik inkişaf etmiş və “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı uğurla həyata keçirmişdir. Rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası diqqət mərkəzində olmuş və bir sıra uğurlar qazanılmışdır. Rayonda iqtisadiyyatın bütün sahələrində xeyli artıma nail olunmuş, əhalinin rifahı yaxşılaşmışdır.
Ancaq lənkəranlıları narahat edən ən vacib və həllini gözləyən məsələ rayonun bütün yaşayış məntəqələrinə qaz çəkilişinin sürətləndirilməsi məsələsidir. Düzdür, bu məsələdə müəyyən irəliləyişlər var, ancaq görülən işlərin sürətləndirilməsi hamının ümdə arzusudur.
Digər bir məsələ isə kiçik və orta sahibkarlığa ayrılan kreditlərin ölkə üzrə ümumi məbləğinin artırılması, onların vaxtında sahibkara çatdırılmasına nail olmaqdır ki, sahibkar əli qoynunda günlərlə heç kimin qapısında gözləməsin.
Hesabatı məqbul hesab edirəm, onun lehinə səs verəcə-yəm və deputat həmkarlarımı da bu hesabatı dəstəkləməyə dəvət edirəm.
Cavanşir Feyziyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri və hökumət nümayəndələri!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat ölkə iqtisadiyyatının durumu barədə maksimum məlumat əsasında çox əhatəli şəkildə hazırlanıb. Hesabatdan göründüyü kimi, Azərbaycan iqtisadiyyatı 2011-ci ildə mürəkkəb xarici iqtisadi mühitdə cərəyan edən qlobal sosial-iqtisadi çağırışlara dayanıqlıq nümayiş etdirmişdir. Ölkəmizdə iqtisadi artım davam etmiş, qeyri-neft sektorunun inkişafının sürətlənməsində, iqtisadiyyatın şaxələnməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının yüksəlməsində irəliyə doğru yeni addımlar atılmışdır. Orta illik inflyasiya bir rəqəmli səviyyədə və manatın məzənnəsi sabit saxlanılmaqla makroiqtisadi sabitlik təmin edilmişdir.
2011-ci ildə qeyri-neft sektoruna sərmayə qoyuluşunun sürətli artımı, ölkə iqtisadiyyatına qoyulmuş sərmayələrin 72 faizdən çoxunun qeyri-neft sektoruna yönəldilməsi, iri infrastruktur layihələrinin icrasının davam etdirilməsi, bütün bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi və tikinti-abadlıq işlərinin genişləndirilməsi ölkə iqtisadiyyatının ümumi inkişafında mühüm rol oynamışdır. Ümumi daxili məhsulun adambaşına düşən həcmi 7 min dolları ötmüş, yuxarı orta gəlirli ölkələr sırasında Azərbaycanın mövqeyi daha da möhkəmlənmişdir. Azərbaycanın 2011-ci ildə əldə etdiyi nəticələr nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda “Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq “BBB” investisiya reytinqi səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozun isə sabit olduğu barədə qərar qəbul etmişdir. “Fitch Ratings” və “Moody's” reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. “Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”na görə də 2011-ci ildə Azərbaycan 2 pillə irəliləyərək 142 ölkə arasında 55-ci, MDB ölkələri arasında isə 1-ci yeri tutmuşdur. Bütün bunlar Azərbaycan hökumətinin 2011-ci ildə əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda tanınmasını təsdiqləyən göstəricilərdir.
Konkret olaraq təmsil etdiyim Şəki rayonunda görülmüş işlərə gəlincə, qeyd etmək istərdim ki, Qəbələ–Balakən turizm marşrutunun, Şəki rayonu ərazisində körpülərin və yol tikintisinin davam etdirilməsi, yeni xəstəxana binasının və bir neçə digər inzibati-sosial binaların, yeni turizm obyektlərinin tikilib istifadəyə verilməsi bütövlükdə rayonun ümumi infrastrukturunun təkmilləşdirilməsinə və yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında 2011-ci ildə ölkə başçısı tərəfindən verilmiş sərəncamların icrası hazırda da davam etdirilməkdədir. Ölkənin müxtəlif bölgələrində abadlıq və quruculuq işlərinin ardıcıl və müntəzəm aparılması danılmaz faktdır. Əhalinin yaşayış səviyyəsinin ildən-ilə artması təmin edilmişdir.
Bununla belə, ölkə iqtisadiyyatında, təhsil, mədəniyyət, sosial və digər sahələrdə, təbii ki, öz həllini gözləyən məsələlələr də mövcuddur.
Məsələn, Təhsil Nazirliyi tərəfindən tədris prosesinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində çoxsaylı islahatlar həyata keçirilsə də, uşaq bağçalarının kifayət qədər olmaması həyata keçirilən islahatların səmərəliliyini azaldır. Məktəbəqədər təhsil müəssisələrində mövcud yerlərin sayı, kənd yerlərində istifadəyə yararsız vəziyyətdə olan yerlərin sayını da nəzərə alsaq, məktəbəqədər yaşlı uşaqların yalnız 30 faizini əhatə edə bilər. Mövcud vəziyyət “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş fasiləsiz təhsil prosesinin tam həyata keçirilməsini mümkünsüz edir və nəticə etibarilə yenə də təhsil sahəsində aparılan islahatların səmərəliliyini azaldır.
Son 5 ildə səhiyyə infrastrukturunun modernləşdirilməsi üzrə aparılan islahatlar nəticəsində müalicə müəssisələrində dünya standartlarına uyğun maddi-texniki baza yaradılmışdır. Cənab Prezidentin sərəncamı ilə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramlarında tibbi təhsil prioritet kimi dəyərləndirilir. Bu da yaxın gələcəkdə həmin müəssisələrin yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasına və yüksək keyfiyyətli müalicə xidmətinin göstərilməsinə şərait yaradacaqdır.
Bununla yanaşı, əczaçılıq bazarında dərman preparatları dövriyyəsinin ƏDV-yə cəlb edilməsi, zənnimcə, görülən işlərin səmərəsini azaltmış olur. Məlumat üçün qeyd etmək istəyirəm ki, dünya ölkələrinin əksəriyyətində, o cümlədən bizə qonşu olan ölkələrdə dərman preparatları ƏDV-dən azaddır. Azərbaycanda da Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 saylı qərarı ilə ölkəyə idxal edilən əczaçılıq məhsulları bu vergi növündən azad olunsa da, hazırda əczaçılıq bazarının iştirakçısı olan minlərlə hüquqi şəxs belə vergiyə cəlb edilir. Nəticədə dərman preparatlarının maya dəyəri qonşu ölkələrə nisbətən 18 faiz baha formalaşır. Bununla da tibbi sığortanın olmaması şəraitində aztəminatlı ailələrin müalicə imkanları məhdudlaşır və Səhiyyə Nazirliyi tərəfindən aparılan islahatların səmərəliliyi azalır.
Bu isə göstərir ki, bəzi hallarda hökumətin müxtəlif qu-rumlarının həyata keçirdiyi islahatların qarşılıqlı şəkildə sinxronlaşdırılmasına, yəni onların fəaliyyətləri arasında qarşılıqlı ahəngdarlığın tapılmasına ehtiyac hiss olunur.
Yaxın illərdə mövcud problemlərin həlli yollarına kon-septual baxış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu il yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekun-larına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında hökumətin qarşısında qoyduğu vəzifələr timsalında geniş şəkildə öz əksini tapmışdır.
Bu vəzifələrin hökumətin fəaliyyətində prioritet yer tut-ması və uğurla həyata keçirilməsi Azərbaycanın şəhər və kəndlərinin, orada yaşayan hər bir vətəndaşın həyatında müsbət dəyişikliklərə gətirib çıxaracaqdır.
2011-ci ilin sosial-iqtisadi yekunları isə hökumətin ölkə-nin davamlı sosial-iqtisadi inkişafı yolunda qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyini təsdiqləyir. Hesabata səs verəcəyəm və hörmətli həmkarlarımı da səs verməyə çağırıram.
Elmira Axundova. Hörmətli Sədr, hörmətli millət vəkil-ləri!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatında Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı dəqiq statistik məlumatlarda öz əksini tapmışdır.
İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,4 faiz artımı müşahidə olunmuşdur. Ümumi daxili məhsulun 51,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşmüş və əvvəlki ilə nisbətən 9,3 faiz azalmışdır.
Demək olar ki, iqtisadiyyatın bütün sahələrində nəzərə çarpacaq artım müşahidə edilmişdir. 2004–2011-ci illərdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində orta illik artım 13,1 faiz olmaqla, istehsal 2,7 dəfə artmış, ÜDM-in strukturunda sənaye istehsalının payı 38,3 faizdən 53,9 faizə yüksəlmişdir.
Məni hər zaman maraqlandıran məqam neft sektorundan asılılığın azaldılmasına yönəldilmiş fəaliyyət olmuşdur. Hesabatdan da göründüyü kimi, qeyri-neft sektorunda iqtisadi islahatların davam etdirilməsi, idxaldan asılılığın azaldılması, gündəlik tələbat malları ilə özünü təminetmə, yerli resurs və xammalla işləyən və ixrac qabiliyyətli məh-sullar istehsal edən sənaye komplekslərinin yaradılması, biznes mühitinin yaxşılaşdırılması, xarici və yerli investisi-yaların cəlb edilməsi, özəl müəssisələrin fəaliyyətinə dəstək verilməsi və sair işlər həyata keçirilmişdir. Qeyri-neft sektorunun inkişafının prioritet müəyyən edilməsi nəticəsində 2003-cü ilə nisbətən 2011-ci ildə büdcəyə 5,5 dəfə çox vəsait daxil olmuşdur. Həmçinin investisiya qoyuluşlarına fikir verdikdə görürük ki, qeyri-neft sektoruna yönəldilmiş investisiyanın həcmi neft sektoruna qoyulan vəsaitdən təqribən 3 dəfə çox olmuşdur.
Əhalinin məşğulluq məsələləri, yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində xeyli işlər görülmüşdür. 2011-ci ildə regionlarda yeni istehsal və emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə yeni iş yerinin açılmasına şərait yaratmışdır. 2003-cü ildən bu yana qeyri-neft sektorunda istehsal təyinatlı 1927 obyekt istifadəyə verilmişdir.
Lakin qeyd etmək istərdim ki, bir sıra beynəlxalq statistik mərkəzlərin araşdırmalarına görə, müasir texnologiyanın inkişafı və tətbiqi nəticəsində 2030–2050-ci illərdə Yer kürəsində 3 milyard insan işsiz qalacaq. Dəhşətli rəqəmdir. Bu problem bizim üçün də aktuallaşacaq. Düşünürəm ki, ümummilli fəaliyyət proqramı hazırlanmalı və işsizliyin aradan qaldırılması məqsədi ilə ölkənin daxili imkanlarından maksimum istifadə edilməlidir. Məsələn, Azərbaycanda turizm və əyləncə sahələrində yüz minlərlə insan işləyə biləcəyi təqdirdə cəmi bir neçə min insan çalışır. Belə imkanlar başqa sahələrdə də mövcuddur, ona görə təkrar edirəm, ümummilli proqrama böyük ehtiyac vardır.
Sosial yönümlü layihələrə 2011-ci ildə 1,7 milyard manata yaxın vəsait ayrılmışdır. 2010–2011-ci illərdə əsaslı vəsait qoyuluşu hesabına 239 məktəbdə təmir-tikinti və bərpa-gücləndirmə işlərinə başlanılmışdır.
İşsizlik səviyyəsinin aşağı salınması üçün tədbirlər görülmüşdür. Həmçinin pensiyaların həcmində də ciddi artım olmuşdur. Bunların hamısı cənab Prezidentin düşü-nülmüş siyasətinin və Nazirlər Kabinetinin gərgin fəaliyyətinin ürəkaçan nəticəsidir.
Yeri gəlmişkən, sosial məsələlərlə bağlı bir təklifimi nəzərinizə çatdırmaq istəyirəm. Vətəndaşlardan da daxil olan müraciətlər onu deməyə əsas verir ki, ünvanlı sosial yardım özünü tam şəkildə doğrultmadı. Bu həm əhalidə ələbaxımlıq yaradır, həm də bəzi hallarda ehtiyacı olanlara yox, hər hansı yollarla digər şəxslərə qismət olur. Bunun üçün təklif edərdim ki, ünvanlı sosial yardımın əvəzinə və ya onunla bərabər əhaliyə verilən uşaq puluna yenidən baxılsın. Mən istərdim ki, keçmişdə olduğu kimi, uşaqlar yetkinlik yaşına çatana qədər ailəyə uşaq pulu verilsin. Hətta təklif verərdim ki, çoxuşaqlı ailələrə xüsusi qaydada əlavə güzəşt və yardımlar göstərilsin, “qəhrəman ana” statusu bərpa edilsin. Tək bir faktı demək kifayətdir. Əvvəllər çoxuşaqlı ailələr diyarı kimi tanınan cənub bölgəsində bir ailədə ən azı 6–7 uşaq dünyaya gəlirdisə, indi yeni qurulmuş ailələr maddi çətinlik üzündən 1 və ya 2-dən çox övlada sahib olmaq istəmirlər. Düşünürəm ki, genofondumuzun qorunması baxımından mənim bu təklifimin xüsusi əhəmiyyəti var və gələcəkdə nəzərə alınmasını xahiş edirəm.
Digər bir məsələ yeni tikilən məktəblərdəki yararsız istilik sistemi ilə bağlıdır. Elm və texnologiyanın inkişaf etdiyi bir əsrdə hələ də bəzi məktəblərdə qaz yoxdur, bunun üçün də solyar yağı yandırılır. Nəticədə yenicə təmirdən çıxmış və ya inşa edilmiş müasir məktəb binaları tez bir zamanda yararsız vəziyyətə düşür.
Bundan əlavə, dövlət yanacağa olan tələbatı ödəmək üçün hər bir məktəbə ildə 200–250 manat pul ayırır ki, bu da 2–3 həftə kifayət edir. Halbuki soyuq hava şəraiti 3–4 aydan az çəkmir. Buna görə hesab edirəm ki, yanacağa ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması zəruridir.
Üçüncü məsələ isə ondan ibarətdir ki, kənd yerlərində yeni tikilən məktəblərdə istilik sistemi düzgün qurulsa da, kəndin özünə qaz çəkilsə də, texniki şərait olmadığına görə məktəblərə qaz verilmir. Əminəm ki, bu məsələ təkcə Masallıda yox, respublikamızın bir çox məktəblərində aktualdır. Bu problemi müvafiq dövlət qurumları bürokratik əngəllər törətmədən həll etməlidirlər, çünki söhbət gələcək nəsillərin sağlamlığından gedir.
Yeri gəlmişkən, mən Masallının bəzi sosial problemləri haqqında danışmaq niyyətində idim. Lakin cənab Prezidentin bölgəmizə son ziyarətindən sonra bu problemlərin əksəriyyəti, xüsusən də kənd yollarının təmiri, qazlaşdırma və içməli su məsələsi həll olunmaqdadır. Ona görə də hörmətli İlham Əliyevə çoxminli seçicilər adından dərin minnətdarlığımı birdirmək istəyirəm.
Mən Nazirlər Kabinetinin fəaliyyətini və hesabatını qə-naətbəxş hesab edirəm və həmkarlarımı buna səs verməyə çağırıram.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi