2012-ci il 22 may tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 41

Milli Məclisin iclas salonu.
22 may 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 106
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Kamran İmanov, Azərbaycan Respublikası Müəllif Hü-quqları Agentliyinin sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.
8. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbə-sinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Azay Quliyev, Qüdrət Həsənquliyev, İlham Məmmədov, Zahid Oruc, Siyavuş Novruzov, Fazil Mustafa, Bahar Muradova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

1. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Sədaqət Vəliyeva, Etibar Hüseynov, Mübariz Qurbanlı, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.58 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təş-viqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası və Xorvatiya Respubli-kası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Sa-hib Alıyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

5. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov, İsa Həbibbəyli, Zeynəb Xanlarova, Fərəc Quliyev, Nizami Cəfərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

7. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Çingiz Qənizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

8. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Res-publikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

9. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ba-rədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

10. Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

11. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barə-də Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

12. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

13. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respubli-kası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

14. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rafael Cəbrayılov, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Bahar Muradova, Rafiq Məmmədhəsənov, Fuad Muradov, İlyas İsmayılov,  Kamran İmanov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–2-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Təklif: 3–11-ci maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Təklif: 12–16-cı maddələr qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi


Təklif: 17-ci maddə qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbil edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV


 

 

 

MİLLİ MƏCLİSİN İCLASI

22 may  2012-ci  il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.  

Qeydiyyat  (saat 12.07 dəq.)
İştirak edir 106
Yetərsay  83

Yetərsay var, çox sağ olun.
Gündəlik sizə paylanıb. Gündəlikdə 14 məsələ var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.08 dəq.)
Lehinə  106
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  106
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Mübariz Qurbanlı buyursun.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Sədr. Mən bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Məlumdur ki, Azərbaycanda Eurovision mahnı müsabiqəsi keçirilir və çox uğurla davam edir. Amma təəssüf ki, bəzi qüvvələr, xüsusilə erməni lobbisi və İranda bəzi dairələr bunun əleyhinə getməkdədirlər. Bununla əlaqədar mən narahatlığımı ifadə edirəm və İranda antiazərbaycan mitinqləri təşkil edənləri qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, islam adını daşıyan İran İslam Respublikası xristian işğalçı Ermənistanla, erməni lobbisi ilə həmrəylik nümayiş etdirərək Azərbaycana qarşı bu cür təxribatlara yol verməməli idi.
Düşünürəm ki, Azərbaycanın vətənpərvər gənclərinin İranda baş verən hadisələrə, İranda törədilən bu hərəkətlərə qarşı İran səfirliyi qarşısında keçirdiyi tədbirlərdə də böyük bir məntiq var idi. Çünki Azərbaycana qarşı bu təxribatlara cavab verilməlidir və gənclərimiz də buna  cavab veriblər.
Təəssüf ki, bu gün işğalçı Ermənistanla sinxron fəaliyyət göstərən İran hakim dairələri Azərbaycan–İran münasibət-lərinə ziyan vurmaqla bölgədə sülh və təhlükəsizlik üçün çox böyük qorxu törətməkdədirlər. Bəzi dini xadimlərin Təbrizdə, Ərdəbildə, Tehranda antiazərbaycan çağırışlar etməsi və bu istiqamətdə hərəkətlərə yol verməsi, əlbəttə, İran–Azərbaycan anlaşmasına, imzaladığımız sənədlərə zidd olmaqla bərabər, bütövlükdə İran xalqının da maraqlarına uyğun deyildir.
Millət vəkili olaraq bizim bu məsələlərlə bağlı etirazımız mətbuat vasitəsi ilə İran ictimaiyyətinin də diqqətinə çat-dırılmalıdır. Bu gün Ermənistan bölgədə işğalçı bir dövlət-dir. Bu işğalçı dövlət Azərbaycanın 20 faiz ərazisini işğal edibdir. İslam Konfransı Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan İran müxtəlif vaxtlarda bu məsələ ilə bağlı mövqeyini nümayiş etdirib. Amma çox təəssüf ki, son zamanlar biz bu istiqamətdə əks hərəkətləri görməkdəyik.
Bu gün mətbuatda yayılan məlumatlara görə, İranın səfiri məsləhətləşmək üçün Bakıdan geri çağırılıbdır. Əlbəttə, bu da yolverilməzdir. Çünki Azərbaycanla İran arasında əlaqə-lərə bu cür hərəkətlər də ziyan vurmaqdadır. İşğalçı Er-mənistanı müdafiə edən dairələrə dəstək vermək İran İslam Respublikasına və islam ideyalarına bütövlükdə ziddir və mən bunu pisləyirəm. Bir daha bildirmək istəyirəm ki, bu cür hərəkətlər qarşılıqlı olaraq dövlətlərimizin maraqlarına uyğun deyildir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən Mübariz müəllimin qaldırdığı məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Çox təəssüf ki, biz susduqca, İranla normal qonşuluq münasibətlərinin davam etməsini istədikcə İranda bəzi dairələr, mətbuat və media orqanları, bəzi güclər Azərbaycana qarşı həqarətləri davam etdirir, Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinmirlər. İranın mətbuat və media orqanları artıq Azərbaycanın dövlətçiliyi, Azərbaycan dövlətinin rəmzləri əleyhinə ciddi təhqirlərə və həqarətlərə keçiblər. Bu yolverilməzdir. Buna nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı icazə verər.
Bəzi güclər İranda əleyhimizə kampaniyanı o bəhanə ilə başladılar ki, Bakıda geyparad olacaq. Azərbaycan belə bir şey olmayacağını açıqlayandan sonra elan etdilər ki, Eurovision islam əleyhinədir. Bu harada yazılıbdır ki, Eurovision beynəlxalq mahnı müsabiqələri islam əleyhinədir?
Mayın 8-də Şuşanın işğalının 20-ci ildönümü idi. Biz görmədik, bu dırnaqarası islam təəssübkeşlərindən bir dənə açıqlama gəlsin ki, 20 ildir azərbaycanlıların, müsəlmanların torpaqları işğal altındadır, o insanlar evlərinə dönə bilmirlər, oradakı bütün məscidlər, dini abidələr dağıdılır. Mayın 18-i Laçının işğalı günü idi. Yenə biz o din pərdəsi arxasında bəyanat verənlərdən bir dənə açıqlama görmədik ki, Laçın – müsəlmanların torpağı işğal altındadır. Orada 20 ildir insanlar öz evlərinə dönə bilmirlər, tarixi abidələr, dini abidələr dağıdılır. Amma nədənsə islam pərdəsi arxasında heç bir məntiqə sığmayan açıqlamalar verməyə başlayıblar. Təbii ki, bu durdurulmalıdır.
Azərbaycan müstəqil dövlətdir. Nə tədbir keçirir, özü bilər. Heç bir dövlətin də Azərbaycanın daxili işlərinə qarışmağa haqqı yoxdur. Üstəlik bizim iki gənc şairimiz – Fərid Hüseyn və Şəhriyar Hacızadə həbs olunub. Yəni həbs olunub da yox, insanları girov götürüblər. Azərbaycan Xarici İşlər Nazirliyi nota verir, cavab da vermirlər ki, bu iki gənci hara aparıblar. Şeir məclisinə gedən, orada şeir deyən, hansısa bir yaradıcılıq gecəsində iştirak gedən gənclərin taleyi müəmmalıdır. İran dövləti bu barədə ciddi şəkildə açıqlama verməli və bu insanlar azad buraxılmalıdırlar.
İrandan ölkəmizə keçən narkotik qaçaqmalçıları həbs olunur. Onların əvəzinə Azərbaycandan müalicə üçün İrana gedən insanları girov götürürlər ki, gəlin bunları tutduğunuz narkotik qaçaqmalçıları ilə  dəyişək. Bu hansı islam əxlaq normalarına sığır ki, müalicəyə gedən insanı girov götürüb onu narkotik qaçaqmalçıları ilə dəyişmək təklifi edəsən? Təbii ki, bu kimi məsələlər Azərbaycanda çox ciddi reaksiya doğurur.
Göstərmək istəyirlər ki, Təbrizdə guya azərbaycanlılar Azərbaycan dövləti əleyhinə mitinq eləyirlər. Xeyr, bunu azərbaycanlılar etmir. Bunu...
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həm-karlarım, bilirsiniz ki, bu gün Eurovisionun  yarımfinalı başlayır. Bu böyük hadisə münasibətilə bütün xalqımızı təbrik etmək istəyirəm. Azərbaycanda çox böyük bayram əhvali-ruhiyyəsi var. Hər kəs sevinir. Şübhə etmirəm ki, sona qədər biz bu bayramı yüksək əhvali-ruhiyyə ilə keçirəcəyik.
Mən həmkarlarımın İranla bağlı qaldırdığı məsələyə to-xunmaq istəyirəm. Çox yazıqlar olsun ki, İran bu gün öz halına qalmaq, dünya ilə öz problemini həll etmək əvəzinə əsas hədəfi kimi Azərbaycanı seçibdir. Görünür, bu onunla bağlıdır ki, bu gün İranda baş verən sosial narazılığı hər hansı bir formada başqa səmtə yönəltməklə müəyyən mənada bu narazılıqdan qaçmaq istəyir. Təbii ki, bu hal qəti şəkildə pislənilməlidir. Onsuz da İran daim bizim müstəqilliyimizi təhqir edən qərarlar qəbul edib, addımlar atıbdır.
Ən çox narahat edən məsələ budur ki, İran rejimi məhz azərbaycanlıları – Təbrizdə yaşayan bacı-qardaşlarımızı bizə qarşı istifadə edərək Azərbaycan dövləti əleyhinə piketlər, mitinqlər keçirmək istəyir. Mən fürsətdən istifadə edib Təbrizdə yaşayan bacı və qardaşlarımıza müraciət etmək, demək istəyirəm ki, siz molla rejiminin əlində alətə çevrilməyin. Bu gün molla rejimi Azərbaycan dövlətinə qarşı məhz azərbaycanlıların çıxması üçün addımlar atır. Bu mənfur siyasətdə bizim azərbaycanlılar iştirak etməməlidirlər. Düşünürəm ki, İranın Azərbaycana qarşı apardığı bu siyasət nə İran xalqına, nə də Azərbaycan xalqına xeyir gətirər.
Təəssüflər olsun ki, İranın və Azərbaycanı sevməyən qüvvələrin Eurovision ərəfəsində Azərbaycan əleyhinə atdıqları addımları bu gün Azərbaycan daxilində də dəstəkləyənlər var. Bu gün İctimai palatanın qanunsuz aksiyalarına biz hər hansı bir demokratiya prinsipi ilə yanaşıb dözümlülük göstərə bilmirik. Bu gün bu qanunsuz aksiyaların keçirilməsi, hesab edirəm, İranda Azərbaycan əleyhinə keçirilən aksiyalardan fərqlənmir.
Mən fürsətdən istifadə edib İctimai palatanın üzvlərinə müraciət edirəm, – hesab edirəm, onların arasında vətənpərvər insanlar da var, – bu ərəfədə Azərbaycan əleyhinə hər hansı qarayaxmalara şərait yarada biləcək, Azərbaycanın nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməsinlər. Eurovision həyatın nə başlanğıcı, nə də sonudur. Eurovisiondan sonra siyasi ambisiyaları ortaya qoymaq, yenidən gündəmə gətirmək olar. Amma bu ərəfədə hər bir azərbaycanlı dövlətimizin, millətimizin mənafeyi  naminə bu tədbirin yüksək səviyyədə keçirilməsinə köməklik etməli və hər hansı bir formada buna ləkə gətirməməlidir.
Mən düşünürəm ki, biz Eurovision mahnı müsabiqəsini ən yüksək səviyyədə keçirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. İranın Azər-baycana münasibətdə yürütdüyü aqressiv siyasət bütün Azərbaycan ictimaiyyətini hiddətləndirir. İranın dini lideri Homeyni vaxtilə nə Suriyada, nə də Livanda Hizbullahın yanında gedib qalmamış, Fransada özünə sığınacaq tapmışdı. Halbuki Eurovisionun əsasını qoyan ölkələrdən biri məhz Fransadır. Əgər Fransa mənəvi dəyərləri belə korlanmış ölkədirsə, niyə gedib orada yaşayırdı? Mən düşünürəm ki, bunlar hamısı bəhanədir, İran bunu Ermənistana dəstək vermək məqsədi ilə ortaya atıb.
Şərq ölkələrində namus məsələsi ilə əlaqədar olaraq ailə-lər adətən qız uşaqlarını ciddi nəzarət altında saxlayırlar, amma Tehranda yalnız oğlan uşaqları ciddi nəzarət altında saxlanılır. Geyparad keçiriləcəksə, onun Tehranda keçirilməsi ehtimalı daha çoxdur. Onların buradakı əlaltıları mətbuatda yazdılar ki, guya Bakıda belə bir şey keçiriləcək, pas verdilər onlara, onlar da başladılar Azərbaycanı bu formada ittiham eləməyə.
İran ömrünün son günlərini yaşayır. Orada bütün islami dəyərlər aşınıb. İran rəsmilərinin verdiyi açıqlamalara baxın. Dünən mən mediaforum saytında oxudum ki, İranda məktəbli qızların təxminən 25 faizi sulu qəlyan çəkir. Ondan qabaq oxumuşduq ki, orada qadınların çox böyük faizi ailə qurana qədər ailə həyatı yaşayır. Belə olan halda onların gəlib bizə əxlaq dərsi keçməyə heç bir haqqı yoxdur. Bunları açıq danışmaq lazımdır. Bu, Azərbaycana qarşı olan böyük bir təxribatdır. Ümid edirəm ki, cənubi azərbaycanlılar onların layiqli cavablarını verəcəklər.
Məni narahat edən digər məsələ Amerika Birləşmiş Ştat-larının Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə vəsaiti ayırmasıdır. ABŞ bunu humanitar yardım adı altında edir. Əgər belədirsə, niyə bu humanitar yardım Gürcüstanın separatçı bölgələrinə – Cənubi Osetiya və Abxaziyaya ayrılmır? Amerika Birləşmiş Ştatlarının bu riyakar siyasətinin nəticəsi olaraq Ermənistan bu gün bizim torpaqları azad eləmir. Bu gün Ermənistana dəstək verən təkcə Rusiyanın, İranın deyil, həm də Amerikanın bu cür ikiüzlü və riyakar siyasətidir. Mən hesab edirəm ki, bu siyasətə etiraz əlaməti olaraq Azərbaycan ABŞ tərəfindən Azərbaycana ayrılmış 30 milyon dollardan imtina eləməli və öz kəskin bəyanatını verməlidir.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Burada qeyd olundu ki, İranın səfiri Azərbaycanı tərk edib gedib. Əslində, onu Azərbaycandan qovmaq lazım idi. Siz bilirsiniz ki, İran səfirliyi qarşısında bizim gənclərin keçirdiyi etiraz aksiyasından sonra İran səfirliyi bir bəyanat yaydı. Mən xahiş edirəm, bir də o bəyanatı götürün, oxuyun. O bəyanat beynəlxalq təşkilatlara  göndərilməlidir. Açıq-açığına Azərbaycanı terrorla...
Sədrlik edən. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun, cənab Sədr. Hörmətli deputat həmkarlarım! Ölkəmiz mədəni həyatının şərəfli günlərindən birini yaşayır. Bütün Avropanın ürəyini Azərbaycanda döyündürən Eurovision beynəlxalq müsabiqəsi bu gün işinə başladı. Bu münasibətlə mən bütün iştirakçılara uğurlar arzulayıram. Belə bir təntənəli, şərəfli günü, belə bir zövqü xalqımıza bəxş etdiyi üçün, əlbəttə, biz onun qaliblərinə də “çox sağ ol” deyirik. Eurovision mahnı müsabiqəsini onlar Azərbaycana gətirdilər. Möhtərəm cənab Prezidentin və ölkəmizin birinci xanımı, deputat həmkarımız Mehriban xanımın yüksək səviyyədə təşkilatçılığı ilə yaranan bu tədbirə görə xalqımızı təbrik edir və bu müsabiqədə təmsilçimizə uğurlar arzulayıram.
Mən bu beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar bəzi ölkələrin Azərbaycana qarşı yol verdiyi hərəkətlər barədə deputat həmkarlarımın dedikləri ilə həmrəy olduğumu bildirirəm. Ancaq mən erməni lobbisinin istər İranda, istərsə də digər ölkələrdə Azərbaycana qarşı yönəlmiş bu hərəkətlərinə bizim öz daxilimizdə dəstək verən ünsürlərdən söhbət açmaq istəyirəm. Bu bizim hamımızı hiddətləndirir. Bu gün hamı çıxışa yazılıb bu barədə öz fikrini bildirmək istəyirdi. Sadəcə, vaxt azlığına görə deputat həmkarlarımızın çoxu çıxışa yazıla bilmədi. Hörmətli deputat həmkarım Çingiz Əsədullayev də burada çıxış edənlərlə həmrəy olduğunu bildirməyi məndən xahiş etdi.
Hörmətli Oqtay müəllim, bu insanlar Azərbaycanın pis gününü, Azərbaycanın gələcəyinin olmamasını istəyən insanlardır. Qəzetlərdə yazırlar ki, yaxşı fürsət ələ düşüb, çünki xarici jurnalistlər, mətbuat işçiləri buradadırlar. Bu fürsətdən yararlanmaq lazımdır. Görün bunlar nə qədər şərəfsiz, nə qədər ləyaqətsiz bir yol tuturlar. Bu insanlar, sadəcə, Azərbaycanın, şəhərimizin gözəlliyindən zövq alan xarici qonaqların hüquqlarını pozurlar. Dünən mən şəhərdə xoşagəlməz bir hadisənin şahidi oldum. Fəvvarələr meydanında yenə də eyni insanlar eyni hərəkətləri edərək xarici qonaqların gözü qarşısında bir növ şou nümayiş etdirirdilər.
Hörmətli deputat həmkarlarım, bu, dünyanın hər bir yerində baş verə bilən bir hadisədir və...
Sədrlik edən. Xahiş edirəm, vaxtınıza diqqət edin. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar! Mən çoxlarının gözlədiyi kimi İran mövzusundan danışmayacağam. Çünki doğrusu, mənim üçün izah eləmək çətindir ki, onlar bunu niyə belə eləyirlər? Düşünürlərsə ki, siyasi gündəmi dəyişirlər, səhv edirlər. Düşünürlərsə ki, dünya ilə münasibətlərinə Eurovision günahkardır, yenə səhv edirlər və sairə. Bu arqumentləri genişləndirmək olar.
Mən hörmətli həmkarım Qüdrət Həsənquliyevin toxun-duğu Amerika mövzusunu davam etdirmək fikrindəyəm. İllər uzunu biz parlament üzvləri olaraq Amerikanın qon-darma Dağlıq Qarabağ Respublikasına maliyyə yardımı göstərmək qərarına kəskin etirazlarımızı bildiririk. Bu da başadüşüləndir. Çünki bu yardımın Azərbaycanın başı üzərindən edilməsi bizim suveren hüquqlarımızın pozulmasıdır. Əgər doğrudan da, Amerika düşünürsə ki, bu yardımı həyata keçirmək lazımdır, bunu Azərbaycan vasitəsilə edə bilər.
Mən çox arzulayıram ki, Azərbaycanın dövlət büdcəsində Qarabağla bağlı xüsusi bir maddə açılsın. Bəli, işləməyəcək bir müddəadır. Amma açılsın. Dünyaya göstərək ki, biz milyonlarla və milyardlarla vəsaiti Qarabağa, onun bərpasına yönəltməyə hazırıq. Yetər ki, Qarabağ erməniləri Azərbaycan Konstitusiyasını və qanunlarını tanısınlar.
Amerikanın bu addımının onun vasitəçilik missiyasına nə qədər xələl gətirdiyindən danışmaq istəmirəm. Amma bunun nəticəsi nədir? Qarabağ nə qədər mülkiləşib, Qarabağda nə qədər normal cəmiyyət qurulub, nə qədər demokratikləşmə prosesi gedib?
Azərbaycanın iqtisadi imkanları var, biz irəliyə gedirik. Bu fonda guya balans qoruyurlar. Ermənistana 2 milyard dollara qədər yardım göstərilib. Deyirlər, Ermənistanı da ayağa qaldırmaq lazımdır ki, regiondakı siyasət irəliləsin. Bununla sanki Amerika Qarabağda möhkəmlənir.
Bilirsiniz, ən ağır nəticə nədir? Erməni hərbi rejimi bunu belə qələmə verir ki, bu, Qarabağ ermənilərinin elə müstə-qilləşməsi prosesidir. Azərbaycandan kənar onlar maliyyəl-əşirlər. Çox ağır nəticədir. Bəlkə də illər uzunu bu maliyyə olmasaydı, sülhə daha tez gəlmək mümkün olardı.
Onlar bu maliyyə vəsaitlərini 2013-cü ilə yönəli artırırlar. 2 milyonu 5 milyona qaldırıblar. Ermənistan üçün 32,5 milyonu 40 milyon edirlər. Bu fonda Azərbaycana ayrılan vəsaitdən danışmaq istəmirəm.
Mən çox arzulayıram ki, bizim bu etirazlarımız nəticə versin. Biz çağırış eləməliyik ki, azadlığa dəstək aktını qanunvericilik silsiləsindən çıxarsınlar. Amma bu müraciətləri də göndərməliyik. Ötən il departamentdə görüşlər zamanı onlar inkar edirdilər ki, belə müraciətləri alırlar. Doğrudan-doğruya bizim bu etirazlarımız bəyanat şəklində, müraciət şəklində səfirliklərə təqdim olunursa, görən sonradan bunun aqibəti ilə maraqlanmalıyıqmı ki, bu hara çatdırılır, necə olur və buna bir reaksiya olmalıdırmı? Ona görə mən Azərbaycan parlamentinin bu gün və gələcək dönəmdə bu yardımlara çox kəskin etirazını bildirməyini istəyirəm.
Bu, Qarabağ ermənilərinin maliyyələşdirilməsinə etiraz deyil. Biz demirik, onlar acından ölsünlər. Bizə pis baxırlar ki...
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deputat həmkarlarımın fikirlərini davam etdirmək istəyirəm. İri dövlətlər, böyük hərbi təşkilatlar tərəfindən ölkəmizə təzyiqlər göstərilməsinə baxmayaraq, dövlətimiz, Prezidentimiz dəfələrlə beynəlxalq təşkilatlarda, mötəbər yığıncaqlarda bəyan eləyib ki, Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı bir hərbi əməliyyatın həyata keçirilməsinə icazə vermir. Azərbaycan tərəfindən İrana dəstəyin bundan artıq forma və nümunəsini mən görmürəm. Bundan sonra İranın verdiyi bəyanatlara və etdiyi hərəkətlərə bax.
Azərbaycan parlamenti tərəfindən də İrana kifayət qədər dəstək verilib. Hətta BMT-də İrana qarşı sanksiyalar tətbiq olunanda Azərbaycan neytral qaldı və yaxud əleyhinə səs verdi. Buna baxmayaraq, İran öz əməllərindən əl çəkmir. Sənin hansı dövlətlə işin varsa, get onunla məşğul ol, bunu açıq şəkildə de. Amerikaya gücün çatmır, gəlib düşmüsən Azərbaycanın üstünə. Bəs onda ədalət, insaf, mürüvvət, müsəlmançılıq harada qaldı?
Qeyd olundu ki, İran öz səfirini məsləhətləşməyə çağırıb. Səfirlər adətən ölkələr arasında dostluq yaratmaqla məşğul olurlar. Bu, ömründə dostluq yaratmaqla məşğul olmayıb. İndi gedib nə məsləhət görəcək? Bütün ölkələrin səfirlikləri qarşısında qeyd olunur ki, “filan ölkənin Azərbaycandakı Səfirliyi”. İran səfirliyinin qarşısından keçəndə baxın. Burada yazılıb: “İran İslam Respublikasının Səfirliyi”. Harada, hansı ölkədə? “Azərbaycan” sözünə də qısqanclıqla yanaşır, “Azərbaycan” sözündən istifadə etmirlər.
Bakıda keçirilən Eurovisionla əlaqədar etiraz aksiyalarına burada həmkarlarımız münasibətlərini bildirdilər. Bunlara Eurovisionun 30 metrliyində, XX sahədə yer veriblər. Orada hər cür şərait var, lakin bunlar ora getmək istəmirlər. Çünki həmin o İran tərəfindən, bəzi ermənipərəst dövlətlər, qüvvələr tərəfindən tapşırıq alıblar ki, Azərbaycanda maksimum dərəcədə çalışıb çaxnaşma yaratsınlar. Lakin buna nail ola bilməyəcəklər. Çünki...
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Cənab Sədr, hörmətli millət vəkilləri! Vaxtilə dünyanın əsas möcüzələrindən biri sayılan Efes məbədi tikildikdə o dövrün insanlarında, hakimiyyətində elə bir düşüncə var idi ki, bu məbədi heç cür dağıtmaq olmaz. Sonra Herostrat adlı bir dəli çıxdı və getdi, sadəcə olaraq, o məbədi yandırdı. Bu gün də yaxşı-pis, min bir əziyyətlə tikilən Azərbaycan məbədinin yanmaması üçün, məncə, ölkə daxilində siyasi kursun, həqiqətən, ciddi surətdə dəyişməsinə ehtiyac var. Deyərsiniz, 100 nəfər, 200 nəfər çıxır, ara qarışdırır, hansısa ölkədən təlimat alırlar. Mən bunları bir tərəfə qoyuram. Axı, onlara bəhanə vermək də lazım deyil. Yəni, baxın, biz İrana etiraz edirik, münasibətlərimiz pis vəziyyətdədir. Almaniyaya, Amerika Birləşmiş Ştatlarına, Rusiyaya haqlı olaraq etirazlarımızı  bildiririk ki, bizim maraqlara zidd addımlar atırlar. Bəs daxildə, daxili qüvvələrlə – parlamentdə olan müxalifətlə, parlamentdən kənar müxalifətlə dialoq mühiti yaratmağımıza nə mane olur ki, belə tədbirlər zamanı ölkədə hər hansı bir şəkildə nüfuzumuza xələl gətirən addımlar atılmasın? Bunu etməyə bizə nə mane olur? Başa düşürəm, hamı bir-birini ittiham edə bilər ki, biz filan addımı atdıq, onlar bu addımı atmırlar və sair və ilaxır. Həbsdə olan insanların buraxılması vacib məsələ idi ki, Eurovision ərəfəsində böyük tədbirə hər hansı bir şəkildə kölgə salacaq bəhanə verilməsin. Məncə, bu addımları gec də olsa atmaq lazımdır. Bu işlər görülməlidir ki, bu məbədi kimsə bilərəkdən və ya ağılsızlıqdan yandıra bilməsin.
İkinci bir vacib məsələ. Biz tez-tez beynəlxalq tədbirlərdə oluruq. Mən diqqət edirəm, Moldova və Gürcüstan təmsilçiləri heç vaxt Azərbaycan ərazilərinin işğal olunması faktını dilə gətirmirlər. Amma biz parlamentdə də, başqa yerlərdə də çıxış edəndə deyirik ki, Abxaziyanı, Osetiyanı, Prednestroviyanı Rusiya işğal eləyib və ona görə bu münasibət bildirilməlidir. Biz niyə onlara cavab addımı kimi bütün platformalarda eyni münasibət sərgiləməyək? Biz niyə onları xatırlatmalıyıq? Heç bir yerdə mən şəxsən rast gəlmirəm ki, ən yaxın dostumuz olan Gürcüstan nümayəndələri bu addımı atsın.
Üçüncü vacib məsələ. 1920-ci ildə Bursa işğal olunanda Türkiyədə artıq Atatürkün başçılıq etdiyi qüvvələr qalib gəlmişdilər. Onda Böyük Millət Məclisi formalaşanda Bursa işğal altında olduğuna görə hər dəfə xarici qonaqlar gələndə onlara Məclisdə bir qara örtüklə və ya hansısa başqa formada  ölkənin bir ərazisinin işğal altında olduğu xatırladılırdı. Bəlkə biz də bunu xatırladacaq formalar tapaq. Məsələn, burada Avronestin tədbiri keçirildi. İnsanların göz yaddaşı çox mühümdür, insanlar görsünlər ki, doğrudan, bu ölkədə işğal olunan ərazi var və biz də bunu hər an onlara xatırladırıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Bahar Muradova, buyurun.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən bütün həmkarlarımın, eləcə də Azərbaycanın uğurunu gözü götürməyənlərin Azərbaycana təzyiq cəhdlərini qəbul etməyən insanların hamısının fikirlərini bölüşür, onların narahatlıq və nigarançılığını təbii qəbul edirəm. Azərbaycanın bugünkü nailiyyətləri fonunda hər hansı bir nöqsan axtarmağa yönəli cəhdlərin davam etdiyi bir məqamda, məncə, bunu söyləmək sadəlövhlükdür ki, bir neçə bəhanəni guya bizim əleyhdarlarımızın əlindən alsaq, onlar haqq yoluna gələcəklər. Mən bunu sadəlövhlük kimi qiymətləndirirəm. Çünki bəhanə axtaran istənilən halda bəhanə tapacaq.
Bizim siyasətimiz, apardığımız siyasi kurs kimlərinsə bəhanəsini əlindən almağa yönəlməyib. Biz Azərbaycan dövlətini inkişaf etdirmək, Azərbaycan vətəndaşının rifahını təmin etmək, qonşularımızla normal qonşuluq münasibətləri saxlamaq istəyir, yaxın-uzaq ölkələrlə bərabərhüquqlu tərəfdaşlığa üstünlük veririk. Bu, Azərbaycanın yürütdüyü siyasətin əsas istiqamətidir və burada qeyri-adi heç nə yoxdur. Bu, baş verən hansısa konkret hadisələrə, lokal münasibətlərə, bu və ya digər maraqlara uyğun olaraq dəyişilə bilməz. Biz hamı ilə münasibətlərimizi beynəlxalq hüququn əsas prinsipləri əsasında qurur və özümüzə qarşı da belə adekvat münasibət göstərilməsini istəyirik.
Əgər bu gün İran hakim dairələrinin, İranda söz sahibi olan qurumların Azərbaycan Respublikası deməyə dilləri gəlmir, onu Bakı hökuməti adlandırır və Bakı da daxil ol-maqla bütün Azərbaycanı İranın bir əyaləti hesab edirlərsə, bizim onlara  cavabımız nə olmalıdır? Biz onlara cavab verməliyik.
Azərbaycan müstəqil siyasət yeridir, Azərbaycan öz təbii sərvətlərindən öz maraqlarına uyğun surətdə istifadə edir. Bu bir çoxlarının xoşuna gəlmir. Bu nailiyyətlər, əldə olunan uğurlar bir çoxlarını qıcıqlandırır və buna görə onlar cürbəcür bəhanələr axtarırlar. Nə oldu, dünənə kimi Gürcüstanla bağlı hər hansı bir problem yox idi. Bu gün Bakıda belə bir beynəlxalq tədbirin keçirildiyi, dünyanın diqqətinin bura yönəldiyi bir vaxtda Gürcüstanla bizim aramızda bir dini obyektlə bağlı problemlər yaradılır, İranda hicab qadağası, digər məsələlər yada düşür və yaxud kimsənin ağlına gəlməyən hansısa bir tədbirin keçirilməsi barədə şayiələr yayılır, digər ölkələrdə başqa təxribatlar, Azərbaycanı qaralama kampaniyası aparılır. Bütün bunlar Azərbaycan hökumətinin kiməsə bəhanə verdiyini düşünənlərə düşünmək üçün əsas vermirmi? Düşünmək üçün qida vermirmi ki, bunların hamısı niyə birdən başlandı? Nəyə görə bu cəhdlər belə hər tərəfdən Azərbaycana qarşı yönəlib?
Bu ona görə deyil ki, Azərbaycanın tutduğu yol qəbuledilməzdir. Yox. Ərazisində 30  milyondan artıq azərbaycanlı yaşayan qonşu islam dövləti Azərbaycanın dünyəvi istiqamətdə inkişafını qəbul edə bilmir, çünki onların düşüncəsinə görə, bu həmin dövlətin vətəndaşları üçün çox pis nümunədir. Çünki bu insanlar da azadlığın, sərbəstliyin, dünyəviliyin nə demək olduğunu anlaya və bunun onlara da tətbiq olunmasını tələb edə bilərlər. Ona görə İran hökuməti, bu dövlətin bəzi dairələri, onların dəstəklədiyi qurumlar Azərbaycana yönəli belə təxribat hərəkətlərinə yol verirlər. Təəssüf ki, bizim Azərbaycanda da buna dəstək verənlər tapılır, bu fürsətdən istifadə etməyi qarşısına məqsəd qoyanlar meydana çıxır.
Deyirsiniz, nəyə görə Qarabağ məsələsindən danışanda haqqı, hüququ pozulmuş digər insanları və yaxud regionları da dilə gətirirsiniz. Yadınızdadır, Azərbaycan Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə ölkə prezidenti Təhlükəsizlik Şurasının iclasında elə birinci çıxışında bəyan elədi ki, Azərbaycan burada üzv olduğu müddətdə hər zaman olduğu kimi haqqı, ədaləti, təhlükəsizliyi müdafiə edəcək. Bu bizim prinsipial mövqeyimizdir. Biz bu məsələlərə prinsipial yanaşırıq. Ona görə də Qarabağda haqqı, hüququ pozulmuş insanlardan danışırıqsa, Gürcüstanı da, Moldovanı da misal çəkir və bu kimi problemləri yaşayan bütün xalqlara dünya dövlətlərinin, o cümlədən beynəlxalq təşkilatların eyni yöndə münasibət bəsləməsinin vacib olduğunu vurğulayı-rıq. Bu bizim dəyişməz siyasətimizdir.
Biz hansısa maraqlara, hadisələrə, bu və ya digər məsələlərə görə mövqeyimizi dəyişən dövlət deyilik. Ona görə də Azərbaycan bir çoxlarına idarə olunmayan, kimsə-nin diqtəsi ilə fəaliyyət göstərməyən bir dövlət kimi gəlir. Ona görə bizim düşmənlərimizin Azərbaycana qarşı təzyiqləri artır. Mən hesab edirəm ki, müəyyən qüvvələr Azərbaycana təzyiq göstərmək cəhdlərindən əl götürməyincə biz səsimizi ucadan qaldırmalı, öz mövqeyimizi bildirməli və Azərbaycanın müstəqil siyasət yeridən bir dövlət olduğundan qürur duyaraq danışmalıyıq. Bu bizim nailiyyətimizdir, bu bizim qazancımızdır. Gözü götürməyənlərin özləri bilsin. Tale onlara elə bir  xarakter verib ki, ömür boyu əzab çəkəcəklər. Yaxşılıqlara, başqasının uğuruna, hətta özünün də mənsub olduğu millətin və dövlətin uğuruna sevinməyən insanlara mən acıyıram. Onların acınacaqlı taleyi vardır. Onların sonluğu da acınacaqlı olacaqdır.
Sədrlik edən. Sağ olun. Artıq yarım saatdır müzakirə edirik. Mən buradakı çıxışların bəzilərinə qoşularam. Amma Eurovision ərəfəsində Azərbaycana qarşı bu təhdidlərin əksəriyyətinin kökünü erməni lobbisində, ermənilərdə görürəm. Hər gün erməni saytlarını izləyir və lazımi çıxarışları mənə gətirirlər. İranda başlayan bu təbliğatdan qabaq elə bil bunun ssenarisi Ermənistanda yazılır. Yəni bu, sənədlərdə var. Daha da bəzəkli şəkildə bunlar Ermənistan saytlarında verilir.
Bir maraqlı şey yadıma düşdü, danışmaq istəyirəm. İki-üç il bundan öncə İranın vəzifəli bir şəxsi Milli Məclisdə qonaq idi. Görüşdük, söhbət elədik. Qardaşlıqdan, dostluqdan danışıldı. Sonra qayıtdı ki, ağeyi Oqtay, gəlin, səmimi danışaq. Dedim, danışaq. Başladıq söhbətə. Mən bir sual verdim, dedim: “Sizin Konstitusiyada zəif, zəlil ölkələrə yardım eləmək barədə bir bənd var. Bu bəndi Ermənistana görə yazmısınız?” O bir az tutuldu, dedi, yox, bu, Qurani-Kərimdən götürülüb, onun bir ayəsidir. Dedim, bəs Qurani-Kərimin əsas ayələrindən biri odur ki, islam dövləti müsəlman ölkələrinə birinci kömək eləməlidir, bəs bunu niyə eləmirsiniz? Dedi ki, bəs biz neyləyək, bizim İranda yüz min erməni yaşayır. Dedim, yüz min erməni yaşayırsa, 30 milyondan da çox azərbaycanlı yaşayır. Siz Ermənistana yardım eləməklə Azərbaycanın Dağlıq Qarabağ probleminin həll olunmasına şərait yaratmırsınız. Tez keçdilər o biri məsələlərə. Siz Bakı–Ceyhanı niyə oradan çəkdiniz, siz belə... Dedim, əgər sizin imkanınız var idi, maliyyə qoya bilərdiniz, İrandan çəkərdiniz.
Bu söhbətlər elə o vaxtdan var. İndi İranda olan müəyyən qüvvələrin bu hərəkətlərinin kökü  hamımıza bəllidir. Amma İran böyük, qonşu dövlətdir. Biz çalışmalıyıq ki, öz sözümüzü deyək, amma bəzi İran dairələrinin apardığı aktiv antiazərbaycan təbliğatına cavab verərkən onların səviyyəsinə düşməyək. Mənim fikrim budur.
İkinci, Zahid Oruc Amerikanın Dağlıq Qarabağa, Ermə-nistana etdiyi yardımlardan danışdı. Bu yardımlar illər boyu olub. 1990-cı ildə mən ilk dəfə Türkiyəyə gedirdim, qarşılamışdılar. Küçədə düşdüm. Bir uşaq yaxınlaşdı ki, gül satıram, al. Mən neyləyəcəyəm gülü, pulu verdim, götürmədim. Məni müşayiət edən türk yoldaş dedi ki, abi, o uşaq gül satır, halal para qazanır. Sən para verdin, gülü götürmədin. Sən bunu dilənçi öyrədirsən. O fikirləşər ki, əlimi açdım, mənə pul verəcəklər.
Biz milləti dilənçi öyrətməməliyik. Onlar dilənçiliyə öyrəniblər, qoy öyrənsinlər. Dilənməklə, yallanmaqla inkişaf etmək olmaz. Bu da onların dilənçiliyidir. Biz bunlara o qədər də ciddi əhəmiyyət verməli deyilik.
Burada, əsasən, üç məsələ müzakirə olundu. Bir məsələ də bizim radikal müxalifət barədə idi. Bu gün Azərbaycanda Evrovision beynəlxalq mahnı müsabiqəsi keçirilir, bütün dünyanın gözü buradadır. İndiki dövrdə o müxalifətin belə hərəkətləri onların nə qədər zəif olduğunu göstərir. Bu onların zəiflik əlamətidir. Azərbaycanın özünü təbliğ eləmək istədiyi bir vaxtda Azərbaycanı istəməyən düşmən qüvvələrə dəstək verir, Azərbaycan haqqında mənfi fikir yaratmağa çalışırlar. Biz bunu da görürük. Hamımız da başa düşməliyik ki, onların yiyələri kimdir, onlar nəyə görə bu ərəfədə belə edirlər. Bunları şişirtməyin mənası yoxdur. Mən təklif edirəm ki, bununla müzakirələri qurtaraq, keçək gündəliyə. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ olun. Gündəliyin birinci məsələsi. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edil-məsi haqqında qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Biz bir neçə il bu layihənin üzərində çalışmışıq. Qeyd etmək istəyirəm ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” cənab Prezidentin 2011-ci il 27 dekabr tarixli Sərəncamı və parlamentə verilən tövsiyə bizi bu qanun layihəsi üzərində işi sürətləndirməyə vadar etdi. Biz bir neçə ay ərzində işimizi, demək olar ki, yekunlaşdırdıq və layihə ikinci oxunuşda sizin diqqətinizə təqdim olundu.
Milli Məclis Sədrinin müavini hörmətli Valeh Ələs-gərovun, millət vəkilləri Fazil Mustafa, Elmira Axundova, İlyas İsmayılov, Qüdrət Həsənquliyev və Rafael Cəbrayılovun müzakirələrdə verdiyi təkliflər işçi qrupu tərəfindən diqqətlə öyrənildi, komitədə müzakirə zamanı verilmiş təkliflərin çox böyük bir hissəsi nəzərə alındı. Eyni zaman-da, qeyd etmək istəyirəm ki, qanunun qəbulundan sonra onun icrası ilə bağlı yarana biləcək hər hansı bir problemin indidən qarşısını almaq məqsədi ilə biz bu layihəni Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və respublika Baş Prokurorluğuna rəy üçün təqdim etdik.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu qanun həbs yerlərində saxlanan şəxslərin hüquq və azadlıqlarının qorunması ilə bağlı tamamilə yeni standartlar müəyyənləşdirir və onları icra etmək elə də asan deyil. Amma Azərbaycanın hüquq mühafizə orqanları bu qanunu bütövlükdə dəstəklədilər. Verilən rəylər və təkliflər də göstərirdi ki, onlar qanunun yeni müddəalarını icra etməyə tam hazırdırlar. Onu da qeyd etmək lazımdır ki, biz bu siyasəti ATƏT-in Bakı ofisi ilə birlikdə, onların dəstəyi ilə işləyib hazırlamışıq.
Mən fürsətdən istifadə edib Milli Məclis Aparatına, onun rəhbərinə, müvafiq şöbənin əməkdaşlarına təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında nümayəndəsinə təşəkkürümü bildirirəm. Çünki meydana çıxan əsas problemlər onlara məlum idi və onlar bizə bu işdə dəstək verdilər. O cümlədən ko-mitənin üzvü Çingiz Qənizadəyə təşəkkürümü bildirirəm. O, ikinci oxunuşda bu məsələyə müsbət mənada müdaxilə etdi. Çünki Çingiz Qənizadə həm hüquq müdafiəçisi, həm də Ədliyyə Nazirliyi yanında İctimai komitənin sədridir və bu problemləri yaxşı bilir.
Beləliklə, hörmətli həmkarlar, mən tam məsuliyyəti ilə deyə bilərəm ki, bu gün sizin diqqətinizə üçüncü oxunuşda təqdim olunmuş layihə bir sıra Avropa ölkələrində belə olmayan təminatları özündə əks etdirir. Yəni biz həbs yer-lərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təminatı ilə bağlı bir sıra Avropa ölkələrindən də qabağa gedə bilmişik. Qeyd etməliyəm ki, bu qanun əgər qəbul olunub qüvvəyə minərsə, biz cinayət prosessual qanunvericiliyimizə də yenidən baxmalı və orada müvafiq dəyişikliklər etməli olacağıq. Biz artıq bu müzakirələrə də başlamışıq.
Vacib bir məsələ bu qanunun icrası ilə bağlıdır. Çünki burada tamamilə yeni standartlar var. Mən xüsusilə vurğulamaq istəyirəm ki, ikinci oxunuşda müzakirələr zamanı bir qədər anlaşılmazlıq yaranmışdı. Cəzaçəkmə yerlərində saxlama ilə həbs yerlərində saxlama tamamilə fərqlidir, çünki cəzaçəkmə yerlərində saxlama ilə bağlı bizim qanunvericiliyimiz var və orada problem yoxdur. Söhbət ancaq həbs yerlərində saxlanan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında gedir.
Əlbəttə, bu qanunun tətbiqi müəyyən bir dövr tələb edir və biz artıq qanun qəbul olunduqdan sonra yaxın bir il ərzində həm komitə, həm də Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və ATƏT-in Bakı ofisinin dəstəyi ilə bu qanunun müddəalarının tətbiqi ilə bağlı xüsusi treninqlərin keçirilməsi barədə düşünürük.
Sonda xüsusi olaraq vurğulamaq istəyirəm ki, belə bir qanunun qəbulu ilə biz Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsinə çox ciddi bir töhfə vermiş olacağıq. Ona görə hörmətli həmkarlarımdan xahiş edirəm ki, üçüncü oxunuşda bu layihəni dəstəkləsinlər. Onu da nəzərə alın ki, bu bizim sizinlə birgə işimizin nəticəsidir. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir
 
Sədrlik edən.  Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bilirsiniz ki, qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmur. Mən adları monitora yazılan-ları başa düşmədim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sualdır, yoxsa çıxışdır? Qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sədaqət Vəliyeva, buyurun. Nə isə demək istəyirsiniz? 
S.Vəliyeva. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən bu qanunu dəstəkləyirəm və ona səs verəcəyəm. Sadəcə, mənim bir təklifim var. Bəlkə də bir az gecikmişəm, üzrlü hesab edin. Bu, çox gözəl qanundur və bu qanunun qəbulu, həqiqətən, vacibdir.
Mən bir məsələni qeyd etmək istəyirdim. Cinayət etmiş hər bir şəxsin cəza çəkərkən o cəzanı sağlam şəkildə çəkmək hüququ var. Bunu nəzərə alaraq infeksion xəstəlikləri olan insanların sağlam insanlarla bir yerdə cəza çəkməsini mən düzgün hesab etmirəm və başqa ölkələrin təcrübəsindən istifadə edərək Azərbaycanda da belə xəstələr üçün ayrı bir cəzaçəkmə müəssisəsinin yaradılmasını məqsədəuyğun hesab edirəm.
Mən deyərdim ki, həbs və cəzaçəkmə yerlərində saxlanan şəxslərin sağlamlığı üçün ən çox təhlükə törədən yoluxucu xəstəlik vərəmdir. Vərəmin elə formaları var ki, tamamilə sağalmır. Belə xəstələri nə qədər müalicə etsələr də, onların sağalması qeyri-mümkün olur. Bunları sağlam insanlar arasına yerləşdirərkən həmin insanların xəstələnmək təhlükəsi yaranır. Misal üçün, belə bir vərəmli xəstə bir il ərzində 200 nəfəri yoluxdura bilər. Mən inanıram ki, bizim dövlətimiz də cəzaçəkmə müəssisələrində saxlanan şəxslərin cəzalarını sağlam şəkildə çəkməsi üçün şərait yaratmaq imkanına malikdir və bunu hökmən edəcəkdir. Diqqətinizə görə çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Sağ olun, hörmətli Ziyafət müəllim. Mən qanun barədə fikirlərimi deməzdən qabaq İranla bağlı bir cümlə demək istəyirəm. Bizdə müxtəlif səviyyələrdə dəfələrlə elan olunub ki, Bakıda geyparad, filan keçirilməyəcək. Ancaq İran dövləti dediyini dönə-dönə israr edir. Mən bilmirəm, bəlkə İran dövləti Əli Kərimlinin öz dəstəsi ilə “Torqovı”da keçirdiyi yürüşləri nəzərdə tutur. Əgər belədirsə, yəqin, cənab Kərimli özü açıqlama verməlidir ki, bunlar tamam başqa-başqa yürüşlərdir.
Təəssüf doğuran haldır ki, vicdan məhbusu deyilən şəxslərin azadlığa buraxılması ilə bağlı dövlətin qarşısında müxtəlif ultimativ şərtlər qoyulur, sabotaj addımları atılır. Əli Kərimli çox gözəl bilir ki, Azərbaycan dövləti ilə ultimatum dilində danışmaq heç vaxt fayda verməyib. Hamı bilir ki, onu narahat edən əsas məsələ bu gün onun öz qaynının həbsdə olmasıdır.
Mən elə hesab edirəm ki, bu müxalifət həbsxanada olan insanların taleyini indi də Eurovisiondan yararlanmağa çalışaraq Azərbaycanda siyasi alver obyektinə çevirməyə cəhd edir. Bu yolverilməzdir. Bu şantaja, sabotaja qətiyyən getmək olmaz. Çünki bu gün bu “vicdan məhbusları” azad olunarsa, sabah daha həyasız tələblər irəli sürüləcəkdir. Bunların xislətinə hamı bələddir. Bir neçə aydan sonra Bakıda daha bir önəmli hadisə – qadınlar arasında futbol üzrə dünya çempionatı keçiriləcək. Belə çıxır ki, onda bunlar yeni şərtlər, yeni ultimatumlar irəli sürəcək ki, indi də hansısa qeyrət məhbusları var, onları buraxın. Payızda yeni şərtlər irəli sürüləcək ki, indi də hansısa namus məhbusları var, onlar buraxılmalıdır. Ona görə hesab edirəm ki, həbsxanada yatan insanların taleyi ilə siyasi alver etmək olmaz.
Mən bir məqamı da qeyd etmək istəyirəm. Bəlkə də iqtidarın televiziyaları, qəzetləri, siyasi texnoloqları 10 il çalışıb işləsəydilər, bu müxalifəti bu qədər ifşa edib, onlara xalqın bu qədər nifrətini qazandıra bilməzdilər. Bunlar bu 10 gündə bunu özləri etdilər. Bakıda bu dəqiqə yüzlərlə jurnalist, minlərlə turist var, heç biri bunların aclıq aksiyasına  diqqət yetirmədi, heç biri bunları ziyarət etmədi, bunlar haqqında heç bir reportaj da olmadı. Sadəcə olaraq, bu insanlar öz simalarını bir daha bütün xalqa nümayiş etdirdilər. Xalq bir daha əmin oldu ki, bizə heç erməni, fars lazım deyil, bunlar elə özləri bizə bəsdir və bu gün onlar erməninin, farsın etmədiyini özləri etməyə qadirdirlər.
Mən belə hesab edirəm ki, bütün bu baş ağrıdan çaxçaxlar, könül bulandıran milçəklər, ayrı-ayrı cingiltilər böyük karvanı yolundan döndərə bilməyəcək və Azərbaycan öz qarşısına qoyduğu məqsədləri uğurla həyata keçirəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Mən xahiş edirəm, qanun layihəsi ilə bağlı fikir varsa, bunu davam edək, yoxdursa, layihəni üçüncü oxunuşda səsə qoyaq. Mübariz müəllim, buyurun.
M.Qurbanlı. Hörmətli Ziyafət müəllim, qanun layihəsinə aid deyil. Amma çox ciddi  məsələ olduğuna görə mən açıqlama vermək zorundayam. Bilirsiniz ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının növbəti iclası Yerevanda keçirilir və Azərbaycan parlament nümayəndə heyəti burada iştirak edir. Azərbaycan parlament nümayəndə heyətinin də iştirakını zəruri edən bir məsələ var. Sədrlik Azərbaycana keçəcək. Ona görə də Azərbaycan nümayəndə heyəti mütləq orada olmalı idi. Beynəlxalq təşkilatların müəyyən etdiyi qaydalar bunu tələb edir.
Ancaq indi erməni informasiya agentlikləri həqiqətdən uzaq olan belə bir kobud və qərəzli məlumat yayıblar ki, guya Azərbaycan nümayəndə heyəti qondarma erməni soyqırımı ilə əlaqədar Yerevandakı həmin o mənfur yeri ziyarət edib, oraya gül-çiçək dəstəsi qoyub, hətta xatirə kitabına imza atıbdır. Mən nümayəndə heyətinin üzvləri ilə əlaqə saxladım və onlar bildirdilər ki, bu tədbir olan zaman Azərbaycan nümayəndə heyəti heç Yerevanda olmayıb. Azərbaycan nümayəndə heyəti Tiflis üzərindən getdiyinə görə o zaman ora yetişə bilməzdi. Bu bir, ikincisi, Azərbaycan nümayəndə heyəti heç zaman ora getməz və getməyibdir.
Mən bir məsələni burada diqqətinizə çatdırmaq istəyirəm. Çox təəssüf ki, Azərbaycandakı bəzi elektron kütləvi informasiya vasitələri, bəzi saytlar erməni kütləvi informasiya vasitələrinin bu təxribatına uyaraq bu məlumat ətrafında geniş diskussiya açmaq istəyirlər. Mənə də müraciət ediblər, açıqlamalar vermişik, parlamentdə Mətbuat xidməti də həmin saytlara bununla bağlı açıqlamalar verib.
Bir daha bildiririk. Burada olan mətbuat nümayəndələrinə bildiririk ki, erməni təxribatına uymayın, bu məlumatların yalan olduğunu birdəfəlik bilin və belə yalan məlumatları aldıqda erməninin fitnəsinə uyaraq bu cür müzakirələr açmayın. Azərbaycan nümayəndə heyəti o cür tədbirlərə qatılmayıb və heç bir zaman qatılmayacaq.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Hörmətli Ziyafət müəllim, mən çıxış etmək niyyətində deyiləm. Amma istəyirəm, burada qaldırılan məsələyə aydınlıq gətirilsin. Hörmətli Sədaqət xanım Vəliyeva öz peşə fəaliyyətindən irəli gələn bir narahatçılığını ifadə elədi. Qeyd edim ki, yoluxucu xəstəliyə tutulmuş şəxslərin sağlam şəxslərdən ayrı saxlanılması barədə məsələ əvvəllər də qaldırılmışdı. Amma bu qanunun 35.2.8-ci maddəsində göstərilir ki, ağır yoluxucu xəstəliyə düçar olmuş və ya xüsusi tibbi nəzarətə ehtiyacı olan tutulmuş və ya həbs edilmiş şəxslər tibbi rəy əsasında sağlam şəxslərdən, zərurət olduqda isə habelə bir-birindən ayrı saxlanılırlar. Yəni bu narahatçılığa ehtiyac yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Çingiz müəllim, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.


Səsvermənin nəticələri  (saat 12.58 dəq.)
Lehinə  105
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Komitə sədri Ziyad Səmədzadə məlumat verir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, son illər Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Hökuməti arasında bütün sahələrdə iqtisadi-siyasi əməkdaşlıq güclənir. Təqdim edilən qanun layihəsi də bu əlaqələrin daha da inkişaf etdirilməsinə, hər iki ölkədə investisiyaların qorunmasına, investisiya mühitinin yaxşılaşmasına xidmət edir. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Səməd müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.00 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi. Yenə Ziyad Səməd-zadə məlumat verəcək. Buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında iqtisadi əməkdaşlıq ildən-ilə güclənir, sözün əsl mənasında bir sıra dəyərli layihələr həyata keçirilir. Bilirsiniz ki, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayın-manın qarşısının alınması bütün ölkələr üçün müstəsna əhəmiyyət kəsb edir.  Azərbaycan artıq bir çox ölkələrlə belə sazişlər imzalamışdır və onların nəticəsində xarici iqtisadi əlaqələr sahəsində əməkdaşlıq imkanları genişlənir. Bu qanun layihəsi də həmin məqsədə xidmət edir. Millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihəsinin müzakirəsinə keçirik. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, dəyərli həmkarlar! Biz son zamanlar Mərkəzi Avropa və Balkan ölkələri ilə Azərbaycan Respublikası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması ilə bağlı bir sıra qanun layihələrini təsdiqləyirik və açığını deyim ki, bəzən də buna bir mexaniki hal kimi yanaşırıq. Halbuki bu çox əhəmiyyətli bir məsələdir.
Bu məsələnin əhəmiyyəti nədədir. Biz son zamanlar dünyadakı meyilləri görürük. Görürük ki, dünyanın güc sahibləri özlərindən olmayan ölkələrin, özü də gənc ölkələrin artan gücünə həmişə eyni cür yanaşmır, bunu qısqanclıqla qarşılayırlar və bu bəzən çox təhlükəli sonluqlarla bitir. Azərbaycan da özünün maliyyə gücünü get-gedə artıran, 40 milyard dollardan artıq valyuta ehtiyatı olan bir dövlətdir və təbii ki, hər kəs bu ehtiyata eyni cür yanaşmır.
Bu ehtiyatların bir hissəsinin digər ölkələrin iqtisadiyyatına sərmayə şəklində yatırılması həm iqtisadi baxımdan, həm də Azərbaycanın həmin ölkələrdə təsirinin artması baxımından önəmlidir. Bəzi ölkələr, xüsusilə kiçik ölkələr öz iqtisadiyyatlarını qurmaq üçün çalışıblar ki, əvvəlcə bir dənə meqa şirkətin timsalında nələrisə həyata keçirsinlər. Bu gün Azərbaycan Dövlət Neft Şirkəti sözün əsl mənasında transmilli bir şirkətə çevrilib və artıq milyardlarla dollarlıq investisiyalar qoyur. Açığını deyək ki, bir çox hallarda bizim Dövlət Neft Şirkəti iqtisadi potensialı onunkundan qat-qat artıq olan şirkətlərin Avropada reallaşdıra bilmədiyi layihələri reallaşdırır. Bu birbaşa istehlakçıya çıxış layihələridir, həmin ölkələrdə neft məhsulları və kimya zavodlarının tikintisidir və sair və ilaxır.
Bu qəbildən olan uğurlar, təbii ki, birmənalı qarşılanmır və ona görə də bəzən üçüncü ölkələrin mediası vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasına başlanılır. Əlbəttə, mən ümidvaram ki, bu məsələdə də Mərkəzi Avropada, Balkanlarda, eləcə də digər ölkələrdə Azərbaycanın qoyduğu sərmayələr öz məntiqi nəticəsinə çatacaq. Amma bəzi zərbələr, bəzi qərəzli yanaşmalar da olacaqdır. Biz bu qərəzli yanaşmaları həmişə görürük.
Bizim bir məsəlimiz var, deyir: “İt hürər, karvan keçər”. Əslində, bu gün biz həmin o məsəlin təsdiqini gördük. Bizə erməni lobbisi adlanan it sürüsünün hürməsinə rəğmən bu gün Eurovision yarışmasının ilk yarımfinalı başlayır.
Bəzən deyirlər ki, bizə qarşı edilən əksər pisliklər oldu-olmadı, nədən erməni lobbisinin ayağına yazılır? Həmin adamlara cavabım budur. Ona görə yazılır ki, antiazərbaycan fəaliyyətində bulunanların əksəriyyəti bizim ən ağrılı məsələlərimizdə ermənilərin yanında yer alanlardır. Təkcə erməni diasporları deyil, bizi türk və müsəlman olaraq gözü götürməyən qüvvələr hətta ermənilərin özləri istəmədikləri halda belə onlara lobbiçilik edirlər və edəcəklər. Heç uzağa getməyək, uydurma soyqırımına və eləcə də Dağlıq Qarabağ münaqişəsinə yanaşmada bunu görmürükmü? Eurovision yarışmasının hazırlığına ev sahibi kimi başladığımız ilk gündən də erməni olmadıqları halda erməniçilik edən bəzi qüvvələr Azərbaycanı hədəfə almağa başlamadılarmı?
Eurovision yarışmasının Azərbaycanda keçirilməsi onlardakı erməniçiliyi yenə nədən bu cür coşdurub? Yeri gəlmişkən, mən erməniçilik deyəndə bütün erməni xalqını yox, onun ifrat millətçi hissəsini nəzərdə tuturam. Aydındır, nədən coşublar. Kanslerinin dili ilə “multikulturalizm özünü doğrultmur” deyən, müsəlmanların aşağılandığı, peyğəmbərimizin ələ salındığı bir ölkədə və cəmiyyətdə bizim onların özlərininki saydığı bir yarışmada qələbə çalıb, ev sahibliyi haqqını qazanmağımızı gözləri götürərdimi? Əlbəttə, götürməzdi. Çünki bu musiqi yarışması göstərəcəkdi ki, yox, heç də müsəlmanlar Qərbdə bəzilərinin təsvir etdikləri kimi vəhşi, qaniçən, çirkin, hisin, pasın içində olan terrorçu biriləri deyil, onlar kimi sivildirlər.
O gün bir almaniyalı mütəxəssisin özünün də qeyd etdiyi kimi, dünyada hər kəs gözəl bilir ki, Azərbaycanın birinci xanımının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirlər özünün yüksək səviyyəsi ilə fərqlənir. Elə isə Eurovision yarışmasının Qərbdəkindən, eləcə də bizə qonşu olan bəzi böyük dövlətlərdəkindən daha yüksək səviyyədə keçməsini onlar istəyərlərmi? Xeyr, istəməzlər.  Bizə qarşı aparılan kampaniyanın kökündə həm də bu durur.
Mən fikir verirəm,  qonşu dövlətlərdən birinin bütün telekanallarında onların bura göndərdikləri qrupla bağlı çəkdikləri süjetlərdə bir dəfə də olsun uzaq plandan mənzərəyə rast gəlinmir, yarışmanın keçirildiyi saray haqqında bir cümlə də deyilmir. Niyə? Çünki Bakının gözəlliyi, Azərbaycanın möhtəşəmliyi göz önünə çəkilə bilər.  Bunu gözləri götürmür.
Bunu gözləri götürmədiyi üçün qonşu İranda neçə aydır ki, musiqi yarışmasını bir qırağa qoyub, keçirilməsi özlərindən və özlərinə bənzərlərdən başqa heç kimin könlündən keçmədiyi geyparaddan dəm vururlar. Soyadı erməni saytlarının ünvanlarındakı son sözlə başlayan və elə bununla da kimlikləri aydın görünən molla Amili kimilər, görəsən, bu olmayan paraddan niyə belə dəm vururlar?
Sədrlik edən. Sahib müəllim, çox xahiş edirəm, yekunlaşdırın.
S.Alıyev. Etiraz aksiyaları niyə Güney Azərbaycanda düzənlənir? Bəlkə ona görə ki, İranda azərbaycanlıların yaşamadığı bəzi bölgələr var ki,  orada uşaqbazlıq və homoseksuallıq onların qədim mədəniyyətlərinin bir parçası sayılır? Həmin bölgələrdə geyparada qarşı keçirilən etiraz aksiyası bir anda dönüb dəstək aksiyasına çevrilə bilərdi. Yəqin, bu da var.
Amma Güney Azərbaycandakı aksiyaların təşkili həm də başqa məqsədlərə xidmət edir. Ona xidmət edir ki, oradakı soydaşlarımız Azərbaycanın uğurlarını görüb haqlı olaraq özlərinki saydıqları bu dövlətlə qürur duyurlar. Onlar Euro-visionun Azərbaycanda keçirilməsindən də qürur duyurlar. Ona görə qürur duyurlar ki, bu yarışmanın Azərbaycanda keçirilməsi həm də bu ölkənin mədəni gücünü, sivillik və çağdaşlığını təsdiqləyir, özü də Avropa səviyyəsində təsdiq edir. Molla rejimini narahat edən budur. Bu gün İrandakı azərbaycanlılar azərbaycanlı olmaqları ilə fəxr edirlər. Vətəndaşı olduqları dövlətdən daha çox Azərbaycanla qürur duyurlar.
Bir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də vətəndaşlarının öz dövlətləri ilə fəxr etməsindədir. Erməni lobbisini, erməniləri azərbaycanlıların öz dövlətləri ilə fəxr etməsi çox narahat edir. Onlar hər halda kor deyillər. Bakı küçələrində sinəsində “mən  Azərbaycanı sevirəm” sözləri yazılmış köynəkləri geyən, maşınlarına Azərbaycan bayraqları taxaraq küçələrdə şütüyən gənclərimizi onlar görürlər. Eurovisionun Azərbaycanda keçirilməsini ona görə onların gözü götürmür.
Çox təəssüf ki, bizdə də erməni lobbisi var. Bəli, bizdə də erməni lobbisi var. İctimai palata deyilən nəsnə Eurovi-sionun Azərbaycanda keçirilməsi məsələsi gündəmə çıxandan erməniçiliklə məşğuldur. Tam təbiidir ki, onların bu yarışmanı boykot çağırışına ilk səs verən əli azərbaycanlıların qanına batmış Robert Köçəryanın gəlini Siruşa oldu. Nə deyim? Çıxışımın əvvəlində dediyim kimi, it hürər, karvan keçər. Karvan, əslində, öz işində, yol alıb getməyindədir. Çünki onun başında təcrübəli, qətiyyətli və müdrik bir sarvan var. Sağ olun.
Sədrlik edən. Sağ olun, Sahib müəllim. Mən Sizin sözünüzü kəsmədim, gördüm ürəyiniz doludur. Bir məsələyə mən də münasibətimi bildirmək istəyirəm. Siz düz deyirsiniz, it hürər, karvan keçər. Üzr istəyirəm, bəlkə də bir az biədəb səslənir. Amma çox ibrətamiz bir misaldır. Bizim üzərimizə itlər çox hürəcək, amma ulu öndərimiz də deyirdi ki, karvanımız keçəcək.
Bəli, müstəqilliyi saxlamaq onu əldə etməkdən çox-çox çətindir. Biz bilməliyik ki, bu yolda çətinliklər olacaq. Bizim karvanımızın qarşısına qar da yağdıracaqlar, boran da edəcəklər, leysan da edəcəklər, hər şey olacaq. Biz bu yoldan keçəcəyik.
Bəla burasındadır ki, bizə itdən çox çaqqallar,  tülkülər hürməyə başlayıb. Azərbaycanın çörəyini yeyənlər üstümüzə çaqqal, tülkü kimi hürməyə başlayıblar. Bu, adamı yandırır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan dövləti güclü dövlətdir, öz yolu ilə gedəcək, inşallah. Bütün xalq bu məsələdə bir yerdə olmalı, bir nöqtəyə vurmalıdır. Prezidentin siyasətini hamı dəstəkləməlidir. Hamı da görür ki, bəli, ölkəmizdən kənarda da, daxildə də Azərbaycanın inkişafını istəməyən qüvvələr var. Belə halda hamı çəkici bir nöqtəyə vurmalıdır. Təşəkkür edirəm. Buyurun, xahiş edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələri  (saat 13.12 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  99
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azər-baycan Respublikasının qanun layihəsi ilə bağlı komitə sədri Səməd Seyidov məlumat verir.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Biz parlamentimizdə bu kimi qanunları tez-tez qəbul edirik. Bu gün, doğrudan da, Azərbaycan parlamenti tərəfindən başqa ölkələrlə diploma-tik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi ilə əlaqədar məntiqli, ardıcıl bir siyasət aparılır. Azərbaycan dünya ilə çox yüksək səviyyədə münasibətlərini qurur, viza və viza tələblərinin aradan qaldırılması Azərbaycanı dünyaya, dünyanı Azərbaycana açmaqdadır. Təbii, belə bir qanun layihəsinə komitəmiz yekdilliklə müsbət münasibət bildirmişdir. Ona görə mən də həmkarlarımdan xahiş edərdim, bu layihəyə öz müsbət münasibətlərini bildirsinlər. Sağ olun.  
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.12 dəq.)
Lehinə  98
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şura-sının Birinci Zirvə Toplantısının Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsidir. Səməd müəllim, buyurun.
S.Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Bu gün biz bir sıra dövlətlərlə münasibətlərdən danışdıq, fikirlərimizi bil-dirdik. Bəlkə də ən vacib, əhəmiyyətli sənədlərdən biri məhz bu saat, bu an qəbul olunacaqdır. Ona görə ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısında qəbul olunmuş bu sənəd türkdilli dövlətlər arasında iqtisadi, mədəni, təhlükəsizlik və sair sahələrin birgə inkişafı ilə bağlı bir sənəddir. Bu gün Azərbaycan tək deyil. Bu gün Azərbaycan dünyada artıq güclənən türkdilli dövlətlərlə bir yerdə öz bayrağını yüksəltmişdir. Təbii, belə sənədləri parlament dəstəkləməlidir, bu istiqamətdə görülən işlər alqışlanmalıdır. Prezidentimizin imza etdiyi bu bəyannamə parlamentdə müsbət rəy qazanmalıdır.    
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Qanun layi-həsinin müzakirəsinə başlayırıq. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının  yaranması haqqındakı Saziş 2009-cu il 3 oktyabrda Türkdilli Dövlət Başçılarının Naxçıvan Sammitində qəbul olunmuşdur. Bunun ardınca İstanbulda Türkdilli Dövlətlərin Dövlət Başçılarının Sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatlanması, onun  katibliyinin yaradılması haqqında qərarın qəbulu ilə məsələ daha da aktuallaşdı və  gerçəklənməsinə doğru bir addım atıldı.
Nəhayət, 2011-ci il 21 oktyabr tarixində artıq Qazaxıstanın Almatı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının keçirilməsi türkdilli xalqların, ölkələrin, dövlətlərin münasibətlərində çox əhə-miyyətli, yeni bir mərhələnin başlanmasından xəbər verir. Bu bəyannamənin, fikrimcə, ən böyük, əhəmiyyətli cəhətlərindən biri bəyannamədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına tamhüquqlu beynəlxalq bir qurum statusu verilməsi barədə qərarın qəbuludur. Heç kəs üçün sirr deyil ki, dünya miqyasında türkdilli dövlətlərin başqa bir yüksək statusa malik olan və siyasi ciddi əhəmiyyət kəsb edən qurumu yoxdur. Məhz bu bəyannamədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına beynəlxalq status verilməsi haqqında qərar artıq türkdilli dövlətlərin, lazım gələndə, beynəlxalq aləmdə vahid bir blokdan çıxış etmələrinə şərait yarada biləcək çox əhəmiyyətli bir hadisədir.
Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-nın  Katibliyinə iclaslar arasındakı məsafələrdə və ümumiyyətlə, bu qurumun fəaliyyətində məşvərətçi bir qurum kimi səlahiyyət verilməsi də artıq həmin qurumun işlək vəziyyətə gətirilməsi sahəsində irəliyə doğru atılmış addımdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Almatı Sammitində türkdilli dövlətlərin informasiya vasitələrinin platformasına, biznes və sığorta fəaliyyətinə dair qurumların təşkil olunması haqqındakı qərarlar da türkdilli dövlətlərin yaxınlaşmasına, bir çox istiqamətlərdə əməkdaşlığına geniş perspektivlər açan müddəalar kimi mühüm əhəmiyyətə malikdir.
Mən burada bir məsələni də ayrıca qeyd etməyi özümə borc bilirəm. Bəyannamədə, eyni zamanda, Türk Universitetlərarası İttifaqının yaradılması da irəli sürülmüşdür. Bu çox ciddi əhəmiyyətə  malik bir məsələdir. Hesab edirəm ki, nəinki bugünkü bəyannaməni qəbul etməyi, eyni zamanda, bəyannamədən dərhal sonra Azərbaycan universitetləri türkdilli dövlətlərin bu bəyannamə əsasında yaradılacaq ittifaqında iştirak etməyə doğru da addım atmalıdırlar. Azərbaycanın yeri, mövqeyi  Türk Universitetlərarası İttifaqında kifayət qədər sanballı ola bilər.
Bəyannamədə, eyni zamanda, Türk Elmi Tədqiqat Fondunun yaradılması məsələsi də irəli sürülmüşdür. Bu çox əhəmiyyətli bir məsələdir. Amma mətbuatda bu, elmi təd-qiqat fondu kimi yox, daha çox Türk akademiyası kimi ifadə olunur. Hesab edirəm ki, bunun beynəlxalq aləmdə səslənməsi üçün “Türk akademiyası” kimi burada öz əksini tapması çox qiymətli olardı. Nəzərə almaq lazımdır ki, 2012-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Qırğızıstanda keçiriləcək iclası elm, təhsil, mədəniyyət məsələlərinə həsr olunacaqdır. Mən təklif edərdim ki, builki sammitdəki müzakirələrdə Türkdilli Dövlətlərin Elmi Tədqiqat Fondu “Türk akademiyası” kimi səslənsin və öz əksini tapa bilsin.
Bütövlükdə bu sənəd XXI əsrdə türkdilli dövlətlərin daha da yaxınlaşmasına, iqtisadi və mədəni cəhətdən bir çox hallarda birgə layihələri həyata keçirmələrinə, dünyada bir-birinə dəstək olan ölkələr kimi nəzərə çarpmalarına böyük şərait yaradan əhəmiyyətli bir sənəddir. Mən bu sənədin lehinə səs verməyi vacib və əhəmiyyətli hesab edirəm. Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı böyük siyasətin tərkib hissəsidir və ölkəmizin bundan sonra təbliğinə, tanınmasına, imkanlarının daha da artmasına özünün əhəmiyyətli  təsirini  göstərəcəkdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Zeynəb Xanlarova.
Z.Xanlarova. Əziz Ziyafət müəllim, bilirsiniz ki, Sizi gözəl bir insan kimi dünyalar qədər çox istəyirəm. Bunu deməsəm, dura bilmərəm. Mənim ürəyim çox doludur. Nə zaman bu düyməni basıb söz istəyirəm,  imkan, vaxt olmur. Utanıram ki, əlimi qaldırım, Siz mənə söz verəsiniz. Ancaq ürəyim doludur. Burada çox danışırlar ki, xalq, camaat, millət küçələrə düşüb. Küçələrə ona görə düşüb ki, açığını deyim, mən gizlətmirəm, 5–6 nəfər pullu insanın, dövlətli-lərin yaratdıqları vəziyyət Prezidentə qarşı təxribatdır. Bunu yaradanlar pullu adamlardır.
Mən bir misal çəkəcəyəm. Seçildiyim rayonda Altıağac qəsəbəsi var. Altıağacda pullu insanların villaları var. Su kəmərinin yanında bir villa tikib, Allahın göndərdiyi suyu, bulağı həyətinə çəkib. Xalqın, millətin qabağında dağın uzunluğu boyu kilometrlərlə armatur bərkidib. Komada yaşayan adam qıcıqlanır, acdır, kasıbdır. Niyə bunu edirsən? Əgər səni Prezident seçibsə, vəzifəyə qoyubsa, o demək deyil ki, sən cibini doldurub xalqı qıcıqlandırmalısan. Mən açığını deyim, xalq Prezidentdən narazı deyildir. Onlar, Kəmaləddin Heydərovu çıxmaq şərti ilə 5–6 nəfərdir.  Kəmaləddin xalqın arasında Hacı Zeynalabdin Tağıyev kimi ad qazanıb. Yəni kasıblara əl tutur. Mən çox istərdim ki, digərləri də belə etsinlər. Niyə etmirlər?  Niyə camaatı qıcıqlandırırlar, Prezidentə qarşı qaldırırlar? Dünən mənim evimin qabağında nə qədər insan var idi, ayaq altında qalanlar, ölənlər, yaralananlar çox idi. Nədən? Mənim xalqımdır, millətimdir. Mən əgər bayrağımı götürüb Amerikaya gedirəm, konsertlər verir, Azərbaycan deyirəmsə, xalqımı, millətimi deyirəm. Bu millət niyə bu günə düşsün? Yenə də deyirəm, 5–6 nəfərin ucbatından niyə mənim Prezidentimə qarşı uşaqlar, cavanlar küçələrə çıxıb desinlər ki, bunları Prezident edir. Yox, bunu Prezident etmir. Bunu edənlər dövlətlilərdir. Xalqın, komaların qabağında elə villalar tikirlər ki, açığını deyim, Zeynəb Xanlarovanın villası bunların yanında heç nə görünür. Niyə? Xalqı, milləti incitmək olmaz.
Ürəyim doludur. Bir xahişim də var. Altıağacda  su, kanalizasiya məsələsi çox çətindir. Məndən çox xahiş ediblər. Yol yoxdur. Yaxşı, armaturla dağı bağlatdırırsan, Allahın verdiyi suyu həyətindən keçirirsən, camaat üçün bir yol da çək, heç olmasa, camaatın ürəyi bir az sakit olsun, sənin villana baxanda ürəyi xarab olmasın. Yolu da çək, su da ver. Pulun çoxdur, başından tökülür, milləti ayağa qaldırma. Mənim ürəyim ağrıyır. Dünən pəncərədən baxırdım, ürəyim ağrıyırdı. Niyə qadın ayaq altında qalsın? İnanın, qışqırığından pəncərəyə yaxınlaşdım. Yenə də deyirəm, onlar Prezidentdən narazı deyildirlər. Onlar bir ovuc oliqarxdan, pullu adamlardan çəkirlər. Təxribatı yaradanlar onlardır. Mən yenə də deyirəm, Kəmaləddin Heydərova mənim böyük hörmətim var. Ona minnətdarlığımı bildirirəm ki, kasıb incəsənət adamlarına böyük köməklik edib. Kim qapısına gəlibsə, kömək edib. Mən istərdim ki, digərləri də ona baxsınlar. Xalqı qıcıqlandırmasınlar, xalqı, camaatı küçəyə tökməsinlər. Mənim sözüm budur.
Sədrlik edən. Sağ olun, Zeynəb  xanım.  Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, Ziyafət müəllim. Mən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplan-tısında qəbul olunan bəyannamənin müddəaları ilə tanışam. Hesab edirəm ki, çox ciddi müddəalardır. Amma məsələ burasındadır ki, biz qəbul olunan sənədlərin kağız üzərində qalmaması üçün bir neçə ciddi addımlar atmalıyıq. İndiyə qədər Türkiyə ilə Azərbaycan arasında viza rejiminin qalması, məncə, ürəkaçan məsələ deyildir. Hesab edirəm ki, viza rejimini aradan qaldırmaq üçün artıq bir tərpəniş olması çox vacib şərtdir. Almatıdakı toplantıda Azərbaycan Prezidenti bir mesaj verdi ki, türkdilli dövlətlərin arasındakı münasibətlər daha ciddi, daha yaxın olmalıdır. Güman edirəm, bu gün Azərbaycan diktə edir ki, artıq türkdilli dövlətlər arasında münasibətlər sisteminin iqtisadi və mədəni müstəvidən siyasi və hərbi müstəviyə keçidi ilə bağlı addımlar atılmalıdır. Azərbaycan tərəfi təşəbbüslə çıxış edir ki, Türkiyə də daxil olmaqla türkdilli dövlətlər arasında dinc asayişi birgə müdafiə qüvvələri şəklində sistemi də qurulsun.
Mən ikinci bir məsələyə toxunmaq istəyirəm. Azərbay-canda yer alan gündəmdəki vəziyyətlə bağlı Azərbaycan təmsil olunduğu digər təşkilatlara da müəyyən müraciətlər etməlidir. Azərbaycan NATO-nun sülh tərəfdaşlıq proqra-mında 1994-cü ildən və 2004-cü ildən isə hərbi təşkilatçılıq proqramında iştirak edir. Məncə, bu gün biz NATO-ya müraciət etməliyik. Bu yaxınlarda Kollektiv Təhlükəsizlik Komitəsində təmsil olunan Rusiya rəsmilərinin çox ciddi bir bəyanatı oldu və onlar Azərbaycanı təhdid etdilər və hətta Azərbaycan öz torpaqlarını işğaldan qurtarmaq siyasəti yürüdərsə, erməni tərəfə açıq şəkildə dəstək verəcəklərini bildirdilər. Məncə, Azərbaycan tərəfi artıq müəyyən strukturlara göstəriş verməlidir ki, NATO-nun transformasiya siyasətinə baxışla bağlı müzakirələr aparılsın. Bilirsiniz ki, NATO özü transformasiya siyasəti ilə bağlı müəyyən məqamlarda zamana uyğun işlər görmüşdür. Məhdud müharibə strategiyasını, kütləvi zərbə strategiyasını misal çəkmək olar. Dövrə uyğun olaraq, Azərbaycanın təhdidlərə məruz qaldığı bir vaxtda Azərbaycan da NATO-nun bütün tədbirlərində iştirak edir, sülhməramlı qüvvələrin göndərildiyi yerlərə Azərbaycan hərbçiləri də gedirlər.
Azərbaycanın təhdidlərə məruz qaldığı dövrdə NATO-nun əks blok tərəfindən edilən çağırışlarla, Azərbaycana qarşı haqsız münasibətlə bağlı mütləq özünün transmissiya siyasətində yenilik etməsinə dair müzakirə açmasının, məncə, zamanıdır. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olaraq da bu məsələnin dinlə-məyə çıxarılması və artıq Azərbaycana qarşı Rusiya tərəfindən edilən təhdidlərin aradan qaldırılması üçün ciddi çağırışlar etməsi üçün də ən uyğun zamandır. Əgər biz gözləmə mövqeyi tutsaq, günün birində dünya ictimai rəyində kollektiv təhlükəsizlik müdafiəsinə daxil olan qüvvələrlə bir yerdə Rusiya mühüm fikir, mənzərə uyğunlaşdırarsa, formalaşdırarsa, bu o deməkdir ki, BMT-nin dörd qətnaməsini həyata keçirmək və dinc yolla sülh yaranmasını istəməyən Ermənistana qarşı Azərbaycan haqlı hərbi əməliyyatlar apararsa, ictimai rəy də Rusiya ilə bir mövqedə dayanacaqdır. Bu iki müraciətlə bağlı, məncə, bizim oraya getməyimiz vacibdir.
Sonuncu məsələ də budur ki, İran haqqında bayaq danışıldı. İrana qarşı bütün dünya, beynəlxalq qüvvələr tərəfindən artıq razılaşdırılmış və təsdiq olunmuş sanksiyalarla bağlı Azərbaycan da öz mövqeyini bildirməli və sanksiyalara qoşulmalıdır. Biz sıfır problemli qonşuluq siyasətini  yürütməyimizə baxmayaraq, Oqtay müəllim də misal çəkdi, uzun zamandır, ruslaşdırılmış bir yönəm tərəfindən Azərbaycan əleyhinə siyasət yürüdülür. Biz dinc dünya qurmaq istəyənlərin yanında olduğumuzu bəyan eləməliyik. Məncə, İrana qarşı bütün sanksiyalarda iştirak etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Bir də, çox xahiş edirəm, söhbət hansı qanun layihəsindən, onun müzakirəsindən gedirsə, bu barədə danışın. Çox xahiş edirəm. Nizami Cəfərov.
N.Cəfərov. Çox sağ olun, Ziyafət müəllim. Məsələ burasındadır ki, biz artıq bir sıra terminləri dəqiqləşdirməliyik. Çünki bu anlayışlar nəticə etibarilə bizim deyimimizdə müəyyən problemlər yaradır.  Biz “türkdilli dövlətlər” deyirik və bu, müəyyən mənada özünü təsdiq edir. Amma, eyni zamanda, sənədin özündə də belə bir cümlə var: “Ümumi tarix, dil, mədəniyyət, mənsubiyyət və mədəniyyətə əsaslanaraq türkdilli dövlətlər (bundan sonra türk dövlətləri adlandırılacaq.)...” Yəni faktik olaraq biz bu “türk dövlətləri” anlayışını sənədlərimizə gətirməliyik və belə anlayışların sayını artırmalıyıq? Niyə? Ona görə ki, bu gün Qazaxıstanda, Qırğızıstanda qazax, qırğız dilləri ilə yanaşı, rus dili dövlət səviyyəli bir dildir? Yəni bu dildə də dövlət səviyyəsində olan dil kimi danışırlar. Onda belə çıxır ki, Qazaxıstan, Qırğızıstan türkdilli və rusdilli dövlətlərdir?
Bir məsələni də demək istəyirəm. İran prinsip etibarilə türk dövlətidir. Yəni bunun tarixini hamımız bilirik. Amma indi orada fars dili üstünlük təşkil etdiyinə görə farsdilli dövlətə çevrildi. Amma İran bilməlidir ki, türk dövlətidir və özünü də bu baxımdan səliqəli aparmalıdır.
Eyni zamanda, termin məsələləri ilə yanaşı, son zamanlar Azərbaycanın türk dövlətləri ilə münasibətləri sistemində oynadığı möhtəşəm rolu qeyd etməliyik. Azərbaycan həm Türkiyə, həm də postsovet məkanında olan türk dövlətləri ilə çox sıx münasibətdədir. Yəni bu işin sosial və siyasi psixologiyası var ki, Azərbaycan mənəvi, dil, əhvali-ruhiyyə baxımından Türkiyəyə Qazaxıstan, Qırğızıstan, Türkmənistandan daha yaxındır. Eyni zamanda, Türkiyəyə nisbətən Mərkəzi Asiya dövlətlərinə. Çünki postsovet məkanından çıxmış və həmin mənəvi koordinasiyanı götürən bir dövlətdir. Bu mənada Azərbaycanın mövqeyi möhkəmdir. Artıq bizim liderimiz, Prezidentimiz türk dünyasının çox böyük liderlərindən birinə, hətta birincisinə çevrilib. Bu da bizi, əlbəttə, sevindirir. Çox sağ olun.
Sədrlik edən. Mən belə başa düşürəm, bu qanun layihəsinin əksinə gedən bir deputat olmayacaq. Yəni bu qanun layihəsini, Türkiyə ilə bizim aramızda olan, ümumiyyətlə, bütün sənədləri hamımız dəstəkləyirik. Burada xüsusi bir müzakirə açmağa, mənə elə gəlir, ehtiyac yoxdur. Əgər etiraz yoxdursa, layihəni səsə qoyaq. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.33 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində aşağıdakı dəyişiklik edilir. 4.1-ci maddənin yeni variantında deyilir: “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür”. Millət vəkillərindən xahiş edərdim ki, qanunda nəzərdə tutulan bu dəyişikliklərə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.35 dəq.)
Lehinə  105
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Komitə sədri Əli Hüseynov məlumat verir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli Ziyafət müəllim! Bildiyiniz kimi, məhkəmə hüquq islahatları nəticəsində prokurorluq orqanlarının təminatı, inkişafı ilə bağlı xüsusi bir dövlət proqramı mövcuddur. Təbii ki, hərbi prokurorluq da prokurorluq orqanlarının ayrılmaz tərkib hissəsidir. Amma mövcud “Prokurorluq haqqında” Qanunun “Prokurorluğun maddi-texniki təminatı və maliyyələşdirilməsi” adlanan maddəsində hərbi prokurorluq orqanlarının maddi-texniki təminatının Müdafiə Nazirliyi tərəfindən təmin olunması göstərilmişdir. Amma faktik olaraq həyata keçirdiyimiz islahatlar, o cümlədən cinayət-prosessual qanunvericiliyi ilə hərbi prokurorluq orqanlarına verilmiş əlavə səlahiyyətlər nəticəsində hərbi prokurorluq orqanlarının təminatı Baş Prokurorluq, yəni prokurorluq orqanlarının özü tərəfindən həyata keçirilir. Ona görə də təklif olunan variantda 39-cu maddənin 4-cü hissəsi çıxarılır. Hazırda bu təminat Müdafiə Nazirliyi tərəfindən yox, prokurorluq tərəfindən həyata keçirilir.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Qısaca, bir neçə cümlə ilə fikirlərimi bildir-mək istəyirəm. Doğrudan da, hərbi prokurorluq orqanlarının maddi-texniki təminatının Müdafiə Nazirliyi və digər qoşun növləri tərəfindən təmin edilməsi, ola bilər, yarandığı dövrdə lazım idi. Lakin artıq belə bir kursun götürülməsi, müstəqillik verilməsi və Baş Prokurorluğa tabe edilməsi təminatının prokurorluğa verilməsi, hesab edirəm ki, hərbi prokurorluq orqanlarının işində keyfiyyət dəyişikliyinə gətirib çıxaracaqdır. Nəzarət etdiyi orqanlardan bilavasitə asılı olan prokurorluq orqanları bu və ya digər formada səlahiyyətlərini yerinə yetirərkən müəyyən çətinliklərlə, problemlərlə üzləşirdilər. Bu baxımdan hesab edirəm ki, burada əsas məqsəd hərbi prokurorluğun işinin daha keyfiyyətli olması və səmərəlili-yinin artırılmasıdır. Onu bilavasitə nəzarət etdiyi qurum-lardan hər hansı bir formada asılılıqdan azad etməkdir. Olduqca düzgün yanaşmadır və hesab edirəm, bu dəyişikliyin səsə qoyulması və qəbul olunması məqsədəuyğundur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.38 dəq.)
Lehinə 100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti qanun layihəsi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri, kiçik texniki bir dəyişiklik nəzərdə tutulur. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Qanunun 12-ci maddəsi təhlükəsizliyi təmin edən orqanlara həsr olunub. Bu orqanların işçiləri sırasında prokurorluq işçiləri də var. Amma bildiyiniz kimi, hazırda qanunvericiliyimizə etdiyimiz dəyişikliklər nəticəsində təkcə prokurorlar yox, prokurorluq işçiləri də təhlükəsizlik tədbirlərini həyata keçirən şəxslər hesab edilirlər. Artıq prokurorluğa korrupsiyaya qarşı mübarizə ilə bağlı əməliyyat-axtarış funksiyası da verilmişdir. Ona görə də təklif olunur ki, “prokurorlar” sözü “prokurorluq işçiləri” sözləri ilə, yəni həm prokurorları, həm də digər işçiləri özündə ehtiva edən daha düzgün bir anlayışla əvəz olunsun. Hesab edirəm ki, bu, texniki düzəlişdir və səs verib qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.40 dəq.)
Lehinə 96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1  
İştirak edir  97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Komitə sədri Əli Hüseynli məlumat verir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar, Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 23-cü maddəsinə iki əlavə təklif olunur. Bunlardan biri Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin bir əsası kimi müəyyən olunmuş yaş həddi, konkret olaraq 70 yaş həddinə çatması göstərilir.
İkinci təklif isə Konstitusiya Məhkəməsi hakiminin adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verilməsi ilə bağlıdır. Ümumiyyətlə, hörmətli həmkarlar, qeyd etmək istəyirəm ki, biz məhkəmə hakimiyyətində hakimlərin müəyyən təyinat prosedurunu nəzərdə tutsaq da, hakimlər son yaş həddinə qədər çalışırlar. Həm ümumi yurisdiksiyalı məhkəmələrin, həm də Ali Məhkəmənin hakimləri üçün yaş həddi müəyyən olunub. Bu, 65 yaşdır, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə 70 yaşa qədər uzadıla bilər.  Həm MDB məkanında, o cümlədən Rusiyada, həm də Avropa məkanında Konstitusiya Məhkəməsinin hakimləri üçün yaş həddi müəyyənləşdirilib. Əsas etibarilə bu, 70 yaş həddidir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Avropa İnsan Haqları Məhkəməsində də bu yaş həddi mövcuddur. Avropa İnsan Haqları Konvensiyasının 23-cü maddəsinə görə Avropa İnsan Haqları Məhkəməsinin hakimləri üçün 70 yaş məhdudiyyət kimi müəyyənləşdirilmişdir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, məhkəmə orqanları, Konstitusiya Məhkəməsi üçün hakimin ləyaqətli hərəkəti, davranışı da, əlbəttə, xüsusi əhəmiyyət kəsb edir. Biz “Məhkəmələr və hakimlər haqqında” Qanunda məhkəmə hakimlərinin etik davranış qaydalarının müəyyənləşdirilməsini Məhkəmə Hüquq Şurasının üzərinə öhdəlik kimi qoymuşduq. Məhkəmə Hüquq Şurası tərəfindən Hakimlərin etik davranış kodeksi qəbul olundu. Qanunda müəyyən edilmişdir ki, Məhkəmə Hüquq Şurası bunu edə bilər. Amma hesab edirəm ki, cənab Prezident tərəfindən təklif olunmuş bu layihədə Konstitusiya Məhkəməsi hakimləri hakim adına, şərəf və ləyaqətinə ləkə gətirən hərəkətə yol verdikdə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün bir əsas yaranır ki, bu da tamamilə məqsədəmüvafiqdir.
Hesab edirəm ki, təklif olunan bu iki əlavə həm beynəl-xalq təcrübəyə uyğundur, həm də həyata keçirdiyimiz məh-kəmə-hüquq islahatları işlərinin vacib bir hissəsidir. Ümidvaram ki, hörmətli millət vəkilləri tərəfindən də bu təklif dəstəklənəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.43 dəq.)
Lehinə 90
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında qanun layihəsidir. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri.
Sağ olun, Ziyafət müəllim. Müzakirənizə təqdim olunmuş qanun layihəsində nəzərdə tutulur ki, Natəvan qəsəbəsinin adında səhv olubdur, buna düzəliş verilsin. Natəvan qəsəbəsinin yazılışında “n” hərfindən sonra “ə” yazılıbdır. Ancaq Xurşud Banu Natəvanın pərəstişkarları hesab edirlər ki, bu, dözülməz bir haldır və bütün prosedurları, müzakirələri keçiriblər. Toponimiya komissiyası bu məsələ ilə məşğul olub və həqiqətən, məlum olubdur ki, “Nətavan” yox, “Natəvan” yazılmalıdır. Bununla əlaqədar Natəvan qəsəbə inzibati ərazi dairəsinin adında düzəliş nəzərdə tutulub.  Layihə bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.45dəq.)
Lehinə 96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələlərə keçirik. Arif müəllim, bəlkə 11, 12, 13-cü məsələləri bir yerdə məruzə edəsiniz, səsverməni ayrı-ayrı apararıq. Buyurun, zəhmət olmasa.
A.Rəhimzadə. Sağ olun. Bu məsələlər, həqiqətən, bir-birləri ilə əlaqədardır. İş burasındadır ki, keçən ilin axırında “Bələdiyyə qulluğu haqqında” Qanunda bələdiyyə icra aparatının vəzifələri və hüquqları ilə əlaqədar bir düzəliş edilmişdi. İndi bu qanunun normalarının “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” qanunlara keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, texniki bir düzəliş də var. Məsələn, “şəxs” sözü “işçi” sözü ilə əvəz olunubdur. Düzəliş bundan ibarətdir.
Üçüncü layihədə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik nəzərdə tutulur. Keçən ilin axırında Gədəbəy rayonunda bir neçə yaşayış məntəqəsinin adı dəyişdirilib.  İndi bu düzəlişləri həmin siyahıya daxil etmək nəzərdə tutulur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim, təşəkkür edirəm. Buyurun, xahiş edirəm, 11-ci məsələ – “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 13.47 dəq.)
Lehinə 99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
12-ci məsələ, “Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 13.48 dəq.)
Lehinə 96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
13-cü məsələ, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirmənizi xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 13.49dəq.)
Lehinə 101
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  101
Nəticə: Qəbul edildi

Qəbul edildi.
Nəhayət, bugünkü gündəliyin axırıncı məsələsi Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Layihənin ikinci oxunuşu ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov məlumat verir. Hörmətli deputatlar, bu qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq. Vaxtımızın bitməsinə 15 dəqiqə qalıb. Əgər saat 2-dən sonra təxminən yarım saat işləsək, müzakirəni bitirərik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm. Rafael Cəbrayılov.
R.Cəbrayılov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bildiyiniz kimi, Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun layihəsi bu il may ayının 1-də Milli Məclisdə birinci oxunuşda müzakirə edilərək qəbul olunmuşdur. Müzakirələrdə hörmətli millət vəkilləri Ziyafət müəllim Əsgərov, Hikmət müəllim Atayev, Jalə xanım Əliyeva, Fazil müəllim Mustafa, Leyla xanım Abdullayeva, Tahir müəllim Rzayev, Elmira xanım Axundova, Siyavuş müəllim Novruzov, Arif müəllim Əşrəfov qanun layihəsi ilə bağlı təklif və rəylərini bildirmişlər.
Söylənən təkliflərdə qanun layihəsinin zəruriliyi xüsusilə vurğulanmış, sənədin daha işlək olması üçün bir sıra tövsiyələr verilmişdir. Layihə ikinci oxunuşa hazırlanarkən işçi qrup bu təkliflərdən yararlanmışdır. Hörmətli həmkarlarıma təkliflərinə görə öz dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, bəzi deputat həmkarlarım qanun layihəsinin bir sıra müddəalarının aydınlaşdırılmasına ehtiyac olması barədə də fikirlərini bildirmişdilər. Bütün bu təklif və iradlar qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə aydınlaşdırılmışdır. Onların bəzilərini sizin nəzərinizə çatdırmaq istəyirəm.
Əsas  anlayışların və qanunvericiliklə bağlı müddəaların təsbit edildiyi 1-ci maddənin 1.0.5-ci bəndində hörmətli Jalə xanım Əliyevanın  “maşınla oxunan formada” anlayışına yenidən baxılaraq aydınlıq gətirilməsi təklifi tərəfimizdən diqqətlə araşdırılmışdır. Leksikonumuzda, habelə dövlət başçısının fərman və sərəncamlarında, bir sıra qanunvericilik və digər normativ hüquqi aktlarda mütəmadi olaraq bu anlayış işlədilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” bu  ilin 7 fevral tarixli 577 saylı fərmanında da bu anlayış verilmişdir. Burada elektron məlumatları oxuyan və bizim “maşın” adlandırdığımız tex-niki vasitələrdən söhbət gedir. Digər tərəfdən, ölkə Prezi-dentinin fərman və sərəncamlarının qanun qüvvəli akt olmasını, məhz bu qanun layihəsinin də parlamentin müzakirəsinə ölkə Prezidenti tərəfindən göndərilməsini, habelə müxtəlif qanunvericilik aktlarında analoji proseslərin eyni leksikoloji ifadələrlə aydınlaşdırılmasının hüquqi məqsədəuyğunluğunu nəzərə alaraq layihədə “maşınla oxuna bilən” anlayışının saxlanılmasını lazım bilmişik.
Daha sonra hörmətli Elmira xanım Axundovanın qanun layihəsində İnternet resurslarında pirat nümunələrinə qarşı mübarizə mexanizmlərinin əks olunmaması ilə bağlı fikir də tərəfimizdən araşdırılmışdır. Diqqətinizə çatdırım ki, müəlliflik hüququ və müxtəlif hüquqlar obyektlərinin piratçılıq yolu ilə istehsalına və yayılmasına qarşı inzibati tədbirləri tənzimləyən 3-cü fəslin 12.4-cü maddəsində “rəqəmsal şəbəkələr” sözləri İnternet resurslarını bilavasitə özündə ehtiva edir.
Hörmətli həmkarlar, qanun layihəsinin sizə təqdim edil-məsini nəzərə alaraq layihənin geniş hüquqi təsvirinə ehtiyac olmaması qənaətinə gəldik. Amma qanun layihəsinin qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə razılaşdırılmaqla edilmiş, lakin ikinci oxunuş üçün sizə təqdim olunmuş variantında öz əksini tapmamış iki əlavə və düzəlişi nəzərinizə çatdırmaq istərdim. Bunlardan biri mahiyyəti üzrə, digəri isə redaktə xarakterli düzəlişlərdir.
2.4-cü maddədə deyilir: “Bu Qanun onun qüvvəyə min-diyi vaxt əqli mülkiyyət qanunvericiliyinə uyğun olaraq qorunma müddəti bitməmiş müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları obyektləri...” sözlərindən sonra “həm-çinin dövlət varidatı elan edilmiş əsərlərə” sözləri əlavə olunur. Bu əlavə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin təməl prinsiplərindən qaynaqlanır və qorunma müddəti bitmiş ictimai varidat sayılan əsərlər dairəsindən Nazirlər Kabinetinin xüsusi qərarı ilə dövlət varidatı elan olunan əsərlərə də şamil olunacaqdır. Ona görə sizdə olan variantda 2.4-cü maddənin mətni bu şəkildə oxunmalıdır: “Bu Qanun onun qüvvəyə mindiyi vaxt əqli mülkiyyət qanunvericiliyinə uyğun olaraq qorunma müddəti bitməmiş müəlliflik hüquq və digər əqli mülkiyyət hüquqları obyektlərinə, həmçinin dövlət varidatı elan edilmiş əsərlərə şamil edilir”.
İkinci, 15.4-cü maddəyə fikrin daha aydın, bitkin olması üçün redaktə xarakterli bir düzəliş edilmişdir. Daha dəqiq desək, sözlərin yerləri dəyişdirilmişdir. Ona görə də 15.4-cü maddə bu şəkildə oxunacaq: “Müvafiq icra hakimiyyəti orqanı nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrini aparır, həmin nüsxələrin yaradılmasının qanuniliyini müəyyənləşdirir, müvafiq məlumatları dərc edir və bu qanunun 3-cü fəslinin müd-dəalarından irəli gələn məsələlərin tənzimlənməsi ilə bağlı tədbirlər görür”.
Hörmətli həmkarlar, sizi qanun layihəsinə ikinci oxunuş-da səs verməyə dəvət edirəm. Sizi əmin etmək istəyirəm ki, bu qanun layihəsi qəbul edilərsə, əqli mülkiyyət hüquq-larının təminatı və piratçılığa qarşı mübarizə istiqamətində ciddi addım olacaq və əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunmasını daha da genişləndirəcəkdir. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli de-putatlar, bilirsiniz ki, bu qanun layihəsini biz ikinci oxunuşda müzakirə edirik. Daxili Nizamnamənin tələblərinə görə qanun layihəsini əsas kimi qəbul etməliyik. Buyurun, xahiş edirəm, əsas kimi qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.56 dəq.)
Lehinə 96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin müzakirəsinə başlayırıq. Hörmətli deputatlar, bir məsələni də sizinlə razılaşdırmalıyam. Daxili Nizamnamənin tələbinə görə qanun layihəsi fəsil-fəsil və ya bölmə-bölmə müzakirə olunmalıdır. Amma nəzərə alsaq ki, bu qanun layihəsi həcm etibarilə o qədər də böyük deyil, ona görə də etiraz etməsəniz, müzakirələri dörd fəsil üzrə aparaq, amma səsverməni ayrı-ayrı keçirək. Buyurun, xahiş edirəm, müzakirəyə başlayırıq. Siyavuş Novruzov. 
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Doğrudan da, qanun layihəsi birinci oxunuşda qeyd etdiyiniz kimi, çox konseptualdır və vacibdir. Belə bir qanun Azərbaycan xalqına, Azərbaycan xalqının müxtəlif təbəqələrini təmsil edən insanlara aid olan maddi və mənəvi dəyərləri əks etdirən müvafiq əsərlərin qorunması, saxlanılması, hüquqi cəhətdən tənzimlənməsinə xidmət edəcəkdir. Mən deyim ki, bu qanun qəbul edilməzdən öncə də artıq həmin sahədə işlər gedirdi. Azərbaycanda vaxtilə ümummilli liderimiz tərəfindən yaradılmış Müəllif Hüquqları Agentliyi hörmətli Kamran müəllimin rəhbərliyi altında bu sahədə xeyli iş görmüşdür. Ermənilərin azərbaycanlılara aid müxtəlif musiqi və digər incəsənət əsərlərinin istənilən beynəlxalq konfranslarda, təşkilatlarda müdafiə olunmasında xüsusi iştirak etmiş, bunları üzə çıxarmışdır. Amma artıq bu qanunun verdiyi imkanlar sayəsində agentlik bunların müdafiəsi ilə daha geniş şəkildə məşğul olacaqdır.
Qanun layihəsinin keçən oxunuşunda çıxış edənlərin böyük əksəriyyəti çıxışlarını piratçılığa, xüsusilə də kasetlərin və musiqi əsərlərinin piratçılığı ilə bağlı məsələlərə yönəltmişdilər. Mən  qeyd edim ki, bu qanun düzdür, həmin problemi də tənzimləyəcəkdir. Amma bununla yanaşı, ciddi məsələlərdən biri də bundan ibarətdir ki, hələ biz bu günə qədər bizim yazıçılardan neçəsinin əsərlərinin başqa-başqa xalqların dillərinə tərcümə edildiyini bilmirik. Bizim müxtəlif alimlərimizin ciddi kəşfləri, səmərələşdirici təklifləri var, bunların hansı şəkildə piratçılıq yolu ilə ələ keçirilməsi, bu qəbildən olan məsələlərin həlli hansı səviyyədədir? Belə bir qanunun verdiyi imkan nəticəsində bunların hamısı qorunub saxlanılacaqdır, möhkəmlənəcəkdir. Doğrudan da, həddindən artıq vacib və zəruri qanunlardan biri olacaqdır. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Qüdrət Həsən-quliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Bahar xanım. Çox sağ olun ki, heç olmasa, qanunvericiliklə əlaqədar müzakirələr açırsınız. Bizim Daxili Nizamnaməyə görə millət vəkili müzakirəyə çıxarılan məsələ ilə bağlı söz istəyirsə, ona mütləq söz verilməlidir, bu, qanunun tələbidir. Bu qanun burada qəbul olunub, Prezident tərəfindən imzalanıb və qüvvədədir. Mən bundan öncəki məsələ ilə bağlı çıxış etmək istəyirəm. Təkidlə tələb edirəm, burada siz məni çıxış etmək hüququndan məhrum edə bilməzsiniz. Ziyafət müəllim buradan getdi, amma Siz bunu rəhbərliklə müzakirə edin. Bu heç kimə başucalığı gətirmir, burada jurnalistlərin, millət vəkillərinin qarşısında millət vəkilinin hüquqlarına müdaxilə etmək, onun çıxış hüququnu əlindən almaq olmaz.
Bizim mövcud qanunvericiliyə görə, Bahar xanım, ha-kimlər ömürlük seçilirlər. Burada yaş həddi qoymaq olmaz. Qanunu tam dəyişməli, yazmalıydıq ki, “ömürlük” sözü oradan çıxarılmalıdır, “son yaş həddinə qədər” onlar hakim ola bilərlər. Amma “ömürlük” sözü o deməkdir ki, həmin şəxs həyatının sonuna qədər hakim olmalıdır. Başqa ölkə-lərin təcrübəsi var. Əgər hakim yaşa dolubsa, özü könüllü istefaya getmirsə, müvafiq şura tərəfindən istefaya gön-dərilir. Amma biz bir tərəfdən deyirik ki, ömürlük təyin olunur, digər tərəfdən də son yaş həddi müəyyənləşdiririk. Bu, məsələnin bir tərəfi. İkinci tərəfdən, Yeni Azərbaycan Partiyası özü müxalifətdə olanda yaş həddinə qarşı böyük etiraz aksiyaları keçirirdi. Mərhum ümummilli liderimiz 70 yaşında Prezident oldu. Azərbaycanın Prezidenti Azərbaycanı böyük qardaş qırğınından xilas etdi.
Bu gün Prezident Administrasiyasında yaşı 70-dən çox olan insanlar var ki, hamıdan tez işə gəlir və hamıdan sonra gedirlər və vəzifələrini layiqincə yerinə yetirirlər. Bizim Milli Məclisdə yaşı 70-dən yuxarı kifayət qədər insan var. Mən hesab edirəm ki, onlar hələ uzun illər öz təcrübələri ilə bu millətə xidmət edə bilərlər və etməlidirlər və qabiliyyət-ləri də, potensialları da buna imkan verir.
Mən, sadəcə, bu fikirləri söyləmək istəyirdim. Burada təhlükəli, qorxulu nə var idi ki, məni çıxışdan məhrum edib, Ziyafət müəllim təcili məsələni səsə qoyub qəbul etmək barədə düşündü.
Müzakirə olunan məsələ ilə bağlı deyim ki, biz bunu komitənin iclasında müzakirə etmişik. Deputat həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram, sağ olun.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Sizin dedik-lərinizdə, doğrudan da, təhlükəli bir şey yoxdur. Amma düşünməyin ki, kimsə bunu təhlükə sayıb, ona görə məsələni tələsik səsə qoyub. Parlamentdə müzakirələr zamanı belə hallar olur. Kiminsə məsələ səsə qoyulmazdan əvvəl təkid etdiyi burada ya görünmür, ya da səsvermədən sonra təkid edir. Bunu belə qəbul etmək lazımdır. Bunu məqsədli şəkildə Sizə yönəlmiş bir hərəkət kimi qəbul etməyin. Qanun layihəsi, yaş həddi ilə bağlı məsələyə Əli müəllim, lazım gəlsə, müvafiq aydınlıq gətirər. Amma mənə elə gəlir ki, biz bu kimi məsələlərə münasibət bildirəndə məsələni konkretləşdirmədən, ümumi şəkildə bildirməliyik. Konkret fərdlərə münasibətdə fikrimizi bildirmək, mənə elə gəlir, düzgün deyil, prinsipial olaraq münasibət bildirməliyik. Rafiq Məmmədhəsənov.
R.Məmmədhəsənov. Çox sağ olun, Bahar xanım, təşək-kür edirəm. Qanun layihəsinə, ümumiyyətlə, münasibətim müsbətdir. Amma  bir sıra təkliflərim var, vaxtın azlığından istifadə edərək təkliflərimi vermək istəyirəm. Qanun layi-həsində plagiatçılığa dair də müddəaların yer alması pis olmazdı. Plagiatçılıq da çox yayılmış bir haldır, ona görə də qanun layihəsində öz əksini tapması yaxşı olardı. Bu yaxınlarda Almaniyanın bir nazirinin plagiat olması üzə çıxdı, həmin nazir istefa verdi.
İkinci bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Kamran müəllimin burada olmağından istifadə edib bunu deyirəm. Tibb sahəsində həm maddəyə görə, həm də qurğuya, aparata görə patent verilir. Amma diaqnostikaya və müalicə üsuluna görə Azərbaycanda patent verilmir. Amma Rusiyada patent verilir. Ona görə də bizim əməkdaşlarımız patent almaq üçün məcbur olub Rusiyaya göndərilirlər. Azərbaycanda diaqnostika və  müalicə üsuluna görə patent verilməsi pis olmazdı.
Sonra, burada nəzarət markasının olması çox yaxşı haldır. Yəni kitablara, əsərlərə nəzarət markası vururlar, bu, doğrudan da, kömək edər. Piratçılıq həmişə olub, indi də var. Üzeyir bəyin “Arşın mal alan” əsərini erməni öz soyadı ilə verib, Üzeyir bəy də bu haqda Mircəfər Bağırova, o da Stalinə deyib. Stalin də deyib ki, filmini çəkin və bütün dünyaya yayın. Kino çəkildi, bütün dünyaya da yayıldı. Piratçılığa qarşı mübarizə ilə bağlı  beynəlxalq qanunlara qoşulmaq lazımdır. Mənə elə gəlir ki, bu daha da səmərəli olar. Ümumiyyətlə, qanun layihəsinə münasibətim müsbətdir. Bu iki təklifi verməklə istəyirəm ki, qanun layihəsi bir az da mükəmməl olsun. Diqqətinizə görə təşəkkür edirəm.  

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Rafiq müəllim. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Həqiqətən, çox vacib bir qanun layihəsini müzakirə edirik. Mən bildirmək istəyirəm ki, ümumiyyətlə, bütün dünyada, Avropada bu məsələlərlə bağlı çox ciddi müzakirələr gedir. Bu günə qədər bir çox ölkələrdə plagiat və qanunsuz surətçıxarma iqtisadiyyata böyük zərbə vurur. Mən həm komitənin, həm də agentliyin işini çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, bizə əlavə mexanizmlər lazım idi. Bu mexanizm də qanun layihəsində vardır. Mən çox şadam ki, bu istiqamətdə həm agentlik, həm də digər təşkilatlar tərəfindən xeyli iş görülmüşdür.
Uzun müddət müzakirə olunan və hazırlanan bir qanun layihəsidir. İcazə versəniz, mənim təklifim var. Bəlkə biz ikinci və üçüncü oxunuşları birləşdirərək qəbul edək? Çünki bu qanun qüvvəyə minən gündən həmin istiqamətdə çox böyük işlər görüləcək. Çox vacib bir qanundur. Piratçılıq iqtisadiyyata təsir göstərən problemlər yaradır. Mən bu istiqamətdə agentliyə uğurlar arzu edirəm. Düşünürəm ki, imkan olsaydı, ikinci və üçüncü oxunuşları birləşdirib səs verərdik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Hesab edirəm ki, dövlətlər arasındakı qarşı-lıqlı fayda verməklə münasibətlər inkişaf etdikcə müəlliflik hüquqlarının mühafizəsi xüsusi əhəmiyyət kəsb edəcəkdir. Müasir beynəlxalq sistemdə müəlliflik hüququnun qorun-ması problemi daha çox beynəlxalq xüsusi hüququn tənzimetmə sisteminə aid edilir. Lakin bu sahədə dövlətlər özləri normativ aktlar yaradır və mühafizəni həyata keçirirlər. Ölkəmizdə də 1997-ci ildən bu sahədə çox böyük işlər görülmüşdür. Bu dövrdə Azərbaycan Bədii əsərlərin qorunması haqqında 1886-cı il Berrin konvensiyasına və 1952-ci il Cenevrə Fonoqram konvensiyasına qoşulub. Eləcə də ölkəmiz dörd MDB ölkəsinin biri kimi Avropa İttifaqının intellektual mülkiyyət proqramında iştirak etmişdir. Azərbaycanın bu sahədəki qanunvericiliyi daha da təkmilləşdirilmiş, yeni qanunvericilik, normativ-hüquqi aktlar qəbul edilmişdir, Avropa İttifaqının qanunvericilik aktlarına və “Əqli mülkiyyətin ticarət aspektləri haqqında” Sazişinin müddəalarına uyğunlaşdırılması ilə bağlı işlər aparılmışdır. İndi də biz Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun layihəsini müzakirə edirik.
Burada mənim qanun layihəsi ilə bağlı iki iradım var. Birinci ümumi xarakterlidir. Ümumi xarakterli irad ondan ibarətdir ki, biz mütləq İnternetdə də müəlliflik və əlaqəli hüquqların qorunması ilə məşğul olmalıyıq. Düzdür, mən sual verdim, Rafael müəllim dedi ki, bu məsələ 12.4-cü maddədə nəzərdə tutulubdur. Burada isə rəqəmsal şəbəkələrdən söhbət gedir. Biz qanunu əhali üçün yazırıq. Rəqəmsal şəbəkələri heç kim bilmir. Burada “İnternet” sözü yazılsa, daha yaxşı olar. Müəlliflər öz əsərlərini, əsasən, İnternetə qoyurlar və İnternetdən də oğurlama və piratçılıq təhlükəsi meydana çıxır. Odur ki, “İnternet” sözü buraya əlavə edilsə, daha yaxşı olar. Konkret təklifim bundan ibarətdir.
1.0.2-ci maddədə əqli mülkiyyət hüququnun sahibindən söhbət gedir. Məlumdur ki, müştərək iki və daha artıq müəllif də əsərlər yarada bilər. Odur ki, “sahibi” sözündən sonra mötərizə içində “sahibləri” sözünü də yazmaq lazımdır.
İkinci arzum isə 6.1-ci maddə ilə bağlıdır. Burada yazılır: “Hüquqpozmaya yol vermiş şəxsin əqli mülkiyyətdən qeyri-qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd...”. Mənə elə gəlir ki, “qanuna zidd” sözləri bir yerdə yazılmalıdır, ayrı olmamalıdır. “...Olduğunu bilmədiyi və ya bunu bilməsinə kifayət qədər əsaslar olmadığı hallarda...” Mənə elə gəlir ki, “bunu bilməsinə” sözləri yox, “bunu bilməsi üçün” sözləri yazılsa, daha aydın və başa düşülən olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli depu-tatlar, məlumat üçün deyim ki, bu gün Milli Məclisdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov iştirak edir. Kamran müəllim, plagiatçılıqla bağlı münasibət bildirmək istəyirdiniz? Buyurun, Kamran İmanov.
K.İmanov, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Diqqətinizə görə təşəkkür edirəm. Burada deyilən bütün faydalı fikirlər, təkliflər, şübhəsiz ki, nəzərə alınmalıdır. Amma bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bu qanun çox vacibdir. Azərbaycanın MDB məkanında və ümumiyyətlə, Avropada əqli mülkiyyətə aid çox zəngin qanunvericiliyi var. Amma bu qanun əqli mülkiyyət hüquqlarının təminatına, yəni hüquqi vasitələrə, prosedurlara imkan yaradır. Faktik olaraq bu qanunun qəbul edilməsi istər piratçılığa, istərsə də kontrafaksiyaya qarşı böyük irəliləyişdir, addımdır. Bununla belə hüquq mühafizə orqanları üçün yeni imkanlar yaranacaq, ümumiyyətlə, əqli mülkiyyət sistemimiz daha da möhkəmlənəcək və inkişaf etdiriləcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Kamran müəllim. Buyurun, xahiş edirəm, qanun layihəsinin 1-ci fəslinə, 1–2-ci maddələrə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.11 dəq.)
Lehinə 107
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin 2-ci fəslinə, 3–11-ci maddələrə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 14.12 dəq.)
Lehinə 108
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin 3-cü fəslinə, 12–16-cı maddələrə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.12 dəq.)
Lehinə 108
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinin 4-cü fəslinə, 17-ci maddəyə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 14.13 dəq.)
Lehinə 106
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsinə bütövlükdə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
Lehinə 108
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  108
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi, təşəkkür edirəm.
Hörmətli deputatlar, bu qanun layihəsi üzərində uzun müddət iş gedib. Burada Kamran müəllim də qeyd etdi ki, ikinci oxunuşa hazırlıq zamanı burada deyilən təkliflər nəzərə alınıbdır. Əgər etiraz yoxdursa, bu qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirmək və qəbul etmək olar. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.14 dəq.)
Lehinə 108
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0  
İştirak edir  108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

 

 

 

EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ


22 may 2012-ci il
________

Azər Badamov. Ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında, Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrlə milli maraqlar çərçivəsində hər zaman yüksək səviyyəli münasibətlərin qurulmasında maraqlı olduğunu göstərib və bunu əməli fəaliyyəti ilə sübuta yetirib.
Təəssüf ki, Azərbaycanın bu cür xoşniyyətli məramından bəzi məqamlarda korporativ və birtərəfli şəkildə yararlanmağa çalışanlar da tapılır. Maraqlıdır ki, din və mədəniyyət baxımından olduqca yaxın çalarlara malik olsaq da, İran dövləti və ölkənin bəzi dairələri hər zaman Azərbaycana fərqli standartlarla yanaşırlar. Bu gün İranda din pərdəsi altında antiazərbaycan siyasəti aparan bəziləri nə üçün öz addımlarını İslama, şəriətə uyğun tənzimləmir və ya tənzimləmək istəmirlər? Azərbaycanın daxili işlərinə  qarışmaq istəyən bu cür qüvvələr səmimi şəkildə İslam amilini əsas tuturlarsa, nə üçün Qarabağda, işğal olunmuş digər rayonlarımızda Allah evlərini – məscidləri, inanc yerlərini yerlə yeksan edən, Azərbaycanın milli mədəniyyət nümunələrini dağıdan ermənilərlə canbir qəlbdədirlər? İran prezidenti qondarma soyqırımı abidəsinin önündə deyil, Qarabağ döyüşlərində şəhid olan azərbaycanlıların məzarları önündə başını əysəydi, daha yaxşı olardı.
Bütün sadalanan bu faktlar bir daha göstərir ki, İrandan gələn bəzi səslər yalnız və yalnız antiazərbaycan siyasətinin bir hissəsidir. Onlar, sadəcə, bu məsələni İslam dini ilə pərdələməyə çalışırlar.
Digər tərəfdən, möhtərəm Prezidentimiz İlham Əliyevin də bildirdiyi kimi, heç bir dövlət Azərbaycanın daxili işlərinə qarışa bilməz. Bu, İran kimi qədim tarixə malik ölkəyə yaraşmayan bir haldır. Bu gün iqtisadi-siyasi uğurları ilə beynəlxalq aləmin əsas diqqət mərkəzində olan, regionun aparıcı dövlətinə çevrilən Azərbaycanın qazandığı nailiyyətlər yuxarıda qeyd edilən antiazərbaycançı dairələri olduqca narahat edir. Ortaya çıxan faktlar isə bir daha göstərir ki, İranda Azərbaycana qarşı fəaliyyət göstərən dairələr hələ də fəaldırlar. Möhtərəm Prezidentimiz İlham Əliyevin də bildirdiyi kimi, bu qüvvələr müsbət mənada seçilən, öz müasirliyi, müstəqil siyasəti ilə fərqlənən, İslam dəyərlərinə sadiq olan ölkə kimi Azərbaycanı görəndə, əlbəttə, sevinmirlər, məyus olurlar.
Bu gün dünyanın bir sıra nöqtələrində Azərbaycanın mədəni uğurlarına, Eurovision musiqi yarışmasına uğurlu ev sahibliyi edən Azərbaycana qara yaxılır. Əslində, bizə qarşı aparılan kampaniyalar dövlətimizin böyüklüyünü, artıq qısqanclıq yarada biləcək qədər yüksək səviyyədə inkişaf etdiyini göstərir. Azərbaycanın apardığı müstəqil siyasət kursunun milli mənafeyə əsaslanması, bu siyasətin istinad nöqtəsinin Azərbaycan xalqı olması bizim bütün çirkin kampaniyalara layiqli cavab verməyimizi şərtləndirir. Mən bir daha qeyd etmək istəyirəm ki, İran dövləti, antiazərbaycan dairələri bu siyasətlərinə son verməlidirlər və Azərbaycanın onlara bir qonşu dövlət olaraq göstərdiyi hörməti onlar da bizə qarşı nümayiş etdirməlidirlər. 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi