2012-ci il 1 oktyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VII SESSİYASI İCLASININ

PROTOKOLU № 45

Milli Məclisin iclas salonu.
1 oktyabr 2012-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.17 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında.
3. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavələr edilməsi barədə.
4. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Kon¬vensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının  Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Mübariz Qurbanlı, Zahid Oruc, Fəzail Ağamalı, İqbal Ağazadə, Əli Hüseynli, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Siyavuş Novruzov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Gündəliyə Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında məsələ daxil edilsin
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Elmira Axundova, Ziyafət Əsgərov, Zahid Oruc, Əli Hüseynli, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, İqbal Ağazadə, Musa Quliyev, İlyas İsmayılov, Astan Şahverdiyev, Siyavuş Novruzov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

2. Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sədaqət Vəliyeva, Valeh Ələsgərov, Elmira Axundova, Aqil Abbas, Asim Mollazadə, Elman Məmmədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına dəyişikliklər və əlavələr edilməsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.19 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Etibar Hüseynov, Sabir Rüstəmxanlı, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

8. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Nizami Cəfərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

9. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

10. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.56 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

11. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

12. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

13. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.58 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.00 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 87
Nəticə: Qəbul edildi

15. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Çingiz Əsədullayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.03 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

17. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Etibar Hüseynov, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI
      
1 oktyabr 2012-ci  il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Hörmətli deputatlar, xöş gördük. Milli Məclisin 2012-ci il payız sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Hörmətli millət vəkilləri, payız sessiyasının başlanması münasibətilə sizi ürəkdən təbrik edir, bu sessiyada qanunvericilik fəaliyyətində hamımıza uğurlar arzulayıram!
Bildiyiniz kimi, Milli Məclis 2012-ci ilin yaz və növbədənkənar sessiyalarında qanunvericilik fəaliyyətini uğurla davam etdirmişdir. Parlamentin 13 iclası keçirilmiş, 128 qanun və qərar qəbul edilmişdir.
Parlamentin beynəlxalq əlaqələri daha da inkişaf etdirilmişdir. Milli Məclisin nümayəndə heyətləri beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Millət vəkillərimiz Rusiyada və Türkmənistanda keçirilən Prezident seçkilərini, Qazaxıstanda, Serbiyada, Əlcəzairdə və Belarus Respublikasında keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Hörmətli deputatlar, bilirsiniz ki, son dövrlərdə parlamentimizin Latın Amerikası ölkələri ilə də beynəlxalq əlaqələri inkişaf etdirilmiş və bu ölkələrlə çox yüksək səviyyəli əməkdaşlıq üçün əlverişli şərait yaranmışdır. Bu gün biz həmin ölkələrdən daha bir neçəsi ilə dostluq qrupları yaradacağıq. Yəqin ki, bu dostluq qruplarının sayı gələcəkdə daha da artacaqdır.
Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Həmin qanun layihələrinin bir hissəsi qanunvericilik təşəbbüsü qaydasında, xüsusən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən təqdim ediləcəkdir. Bir sıra layihələr isə bugünkü iclasda müzakirə edəcəyimiz qanunvericilik işləri planında nəzərdə tutulmuşdur. Payız sessiyasında dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə olunacaq və qəbul  ediləcəkdir.
Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin payız sessiyası səmərəli olacaqdır. Sessiyada hamımıza uğurlar arzulayıram!
Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.17 dəq.)
İştirak edir 101
Yetərsay  83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik.
Bu gün Milli Məclisin payız sessiyasının birinci iclasıdır. Bu iclasda millət vəkillərimizin tam tərkibdə iştirak etməməsinin səbəbləri var. Hazırda Avropa Şurası Parlament Assambleyasında da payız sessiyası başlanıb. Bizim nümayəndə heyəti oradadır. Bir çox millət vəkillərimiz həm Azərbaycan parlamentinin, həm də beynəlxalq təşkilatların xətti ilə Gürcustanda keçirilən parlament seçkilərində müşahidəçi kimi iştirak edirlər. Bunları nəzərinizə çatdırmaq istəyirdim. İndi isə, xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.18 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirələrə keçməmişdən qabaq mən bir təklif eləmək istəyirəm. Bildiyiniz kimi, son dövrlərdə Azərbaycan ordusunun zabiti Ramil Səfərov haqqında dünyada çox qızışdırıcı qətnamələr qəbul olunur. Azərbaycana təzyiqlər göstərilir. Bu yaxınlarda  mən bu təzyiqi Avropa Şurasının Parlament Assambleyasında parlament spikerlərinin görüşündə də hiss elədim. Yəqin, bu görüşdən bir az xəbəriniz var. Amma mən yenə qısaca bir məlumat vermək istərdim.
Bu səfər zamanı cənab Minyon tərəfindən xahiş olundu ki, beynəlxalq forumdur, ona görə Azərbaycan və Ermənistan təmsilçiləri bir-birini təhdid eləməsinlər, iradlar tutmasınlar. Biz razılaşdıq. Amma əfsuslar olsun ki, Ermənistan tərəfi elə çıxışa başlayan kimi yenidən Ramil Səfərov məsələsinə qayıtdı, Azərbaycanı rejim adlandırdı, Ramil Səfərovun azadlığa buraxılmasına görə cənab Prezidentə irad tutdu, Prezidentin saytına istinad elədi. Mən də orada onun cavabını verməli oldum. Söylədim ki, Ramil Səfərov məsələsi dünyada presedenti olan bir məsələdir və beynəlxalq hüquqa uyğun olaraq həyata keçirilmişdir. Dedim, mən bu haqda heç danışmaq istəmirdim. Əfsus ki, ermənistanlı həmkar bu məsələni qaldırdı. Erməni diasporu, ermənipərəst ölkələr, dövlətlər bu məsələdən Dağlıq Qarabağ problemini unutdurmaq, status-kvonu saxlamaq üçün istifadə edərək Azərbaycana bu vasitə ilə təsir eləmək istəyirlər. Bu, tamam aşkardır.
Buna baxmayaraq, Avropa Parlamentində belə bir qətnamə qəbul olundu. Özü də bu qətnaməni təxirəsalınmaz bir akt kimi qəbul elədilər. Mən orada bəzi görüşlərimdə dedim, elə qətnamələr qəbul eləyirsiniz ki, elə bil, bu saat Xirosimaya atom bombası düşüb. Bu məsələni bu dərəcədə şişirdirlər.
Təəssüflər olsun ki, bir çoxlarının Ermənistana ekstradisiya olunmuş insanlar və onların əməlləri haqqında heç bir xəbəri yoxdur. Bir neçə partiya qrupunun rəhbərləri ilə görüşdük. Mən onlara isbatlarla sənədlər verdim ki, 2001-ci ildə Ermənistanın vətəndaşı olmayan insan Ermənistana ekstradisiya olundu, qəhrəman səviyyəsinə qaldırıldı. Bu heç vaxt yada düşmür. Bir 5 nəfər də Ermənistan vətəndaşı vaxtilə ekstradisiya olundu, Ermənistana gətirildi və onların hər biri Dağlıq Qarabağda azərbaycanlıların qətliamında iştirak elədi, bölmə komandiri oldu. Bunu heç şişirdən olmadı.
Qanuni həll olunmuş bu məsələni şişirtməkdə əsas məqsəd ondan ibarətdir ki, status-kvo saxlanılsın. Mən o iclasda 41 spikerin qarşısında da dedim ki, ermənilər status-kvonun belə qalacağına ümid eləməsinlər. Prezidentimizin saytına müraciətlərinə gəldikdə isə mən onlara minnətdarlığımı bildirdim ki, cənab Prezidentin saytını çox yüksək səviyyədə izləyirlər. Yəni bu saytdan nə isə öyrənə bilərlər. Amma hərdənbir öz prezidentlərinin də saytına fikir versinlər. Bir ölkənin prezidenti ki Dağlıq Qarabağ müharibəsi dövründə Xocalı soyqırımında iştirakı ilə fəxr eləyir, o ölkənin heç bir demokratik dəstəyə ixtiyarı yoxdur.
Bütün bunlara baxmayaraq, mən düşünürəm ki, gələcəkdə də belə qətnamələr qəbul edilə bilər. Bu saat Avropa Şurası Parlament Assambleyası bürosunun iclası gedir. Onlar da bu məsələni təxirəsalınmaz məsələ kimi gündəliyə salmaq istəyirlər. İndi bizim nümayəndə heyəti oradadır. Ona görə mən təklif eləyirəm ki, gələcəkdə belə qətnamələrin qəbul olunmasının qarşısını almaq üçün Milli Məclis müvafiq beynəlxalq təşkilatlara, parlamentlərə göndərəcəyi müraciəti, bəyanatı hazırlayacaq bir komissiya yaratsın. Əgər etirazınız yoxdursa, bu məsələni gündəliyə daxil edək. Xahiş edirəm, təklifə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  101
Nəticə: Qəbul edildi

Çox sağ olun. Məsələ gündəliyə daxil olundu. Mən təklif edirəm, bu komissiyada həm bitərəfləri, həm müxalifəti, həm də iqtidarı təmsil edən deputatlar olsun. Təklif var ki, tərkibə Valeh Ələsgərovun rəhbərliyi ilə Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Mübariz Qurbanlı, Rasim Musabəyov və Sədaqət Vəliyeva daxil edilsinlər. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Onda nə vaxt istəsəniz, Valeh müəllim, işinizə başlaya bilərsiniz.
İndi isə keçirik gündəliyə. Gündəlik hamınıza paylanıb. Müzakirələrə başlayırıq. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli deputatlar, Milli Məclisin payız sessiyasının başlanması münasibətilə hamınızı təbrik edirəm.
Payız sessiyasının qanunvericilik işləri planı bizə təqdim olunubdur. Mən onunla tanış olmuşam və hesab edirəm ki, bu plan Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından olduqca əlverişlidir. Yəni, qəbul edəcəyimiz bu qanunlar da Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində çox mühüm irəliləyişlərə dəstək olacaqdır.
Bundan əlavə, mən hesab edirəm, hörmətli Sədr, Azərbaycan ordusunun zabiti Ramil Səfərovun məsələsi ilə əlaqədar işçi qrupunun yaradılması barədə Sizin verdiyiniz təklif və bunun parlament tərəfindən dəstəklənməsi olduqca vacibdir. Çünki bu məsələdən sui-istifadə edilərək Azərbaycana qarşı hər tərəfdən təzyiqlər göstərilməyə çalışılır. Sizin səfəriniz zamanı erməni parlamentinin spikeri ilə debatınız da mətbuatda özünə yer tapmışdır. Buradan da aydın göründüyü kimi, ermənilər bu məsələdən sui-istifadə etməyə çalışacaqlar. Ona görə də həmin işçi qrupunun yaradılması, hesab edirəm ki, qabaqlayıcı bir tədbir kimi olduqca vacib idi və mən də bu işçi qrupunun tərkibinə daxil edilməyimə görə Sizə təşəkkür edirəm. Çalışacağam ki, bu işçi qrupunun tərkibində lazımi sənədlərin hazırlanmasında yaxından iştirak edim.
Ramil Səfərovun Azərbaycana təhvil verilməsindən erməni təbliğatı nə qədər məharətlə istifadə etsə də, ölkəmizə olan bütün təzyiqlərə, xüsusilə Avropa Parlamentində məlum qətnamənin qəbul edilməsinə cəmiyyətimizin münasibəti onu göstərdi ki, Azərbaycan cəmiyyətində bununla bağlı fikir ayrılığı yoxdur.
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə parlamentdə fəaliyyət göstərən siyasi partiyaların, o cümlədən parlamentdən kənarda olan partiyaların nümayəndələrinin iştirakı ilə 18 siyasi partiyanın birgə toplantısı keçirildi və həmin toplantıda biz Avropa Parlamentinə bu məsələ ilə əlaqədar etirazımızı bildirdik. Yeni Azərbaycan Partiyasının bəyanatı Avropa Şurasına da göndərilibdir. Mən hesab edirəm ki, bu iş bütün sahələrdə getməli, ictimai qurumlar, qeyri-hökumət təşkilatları tərəfindən də, habelə fərdi qaydada da aparılmalıdır.
Mən bir daha gündəlikdə olan məsələlərə tərəfdar olduğumu bildirir və hesab edirəm ki, biz bu məsələləri həll edərək parlamentin bu gündən sonra öz vəzifələrini daha uğurla həyata keçirməsinə töhfəmizi verə biləcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim. Siz dediniz ki, ermənilər bu məsələdən çox məharətlə istifadə edirlər. Mən tamamilə razıyam. Ancaq tək ermənilər istifadə eləsəydilər, dərd yarı idi. Əfsuslar olsun ki, bu məsələdən sui-istifadə edən yalnız onlar deyillər. Avropa Parlamentinin özü dəfələrlə Dağlıq Qarabağla əlaqədar qətnamələr qəbul eləyib. Avropa Şurasının Parlament Assambleyası qətnamələr qəbul eləyib. Bu sıraya Dağlıq Qarabağla məşğul olan ATƏT-in Minsk qrupu da daxildir. Ancaq bunların heç biri qəbul elədikləri qətnamələrin arxasınca düşməyib və heç bir məsələnin həllinə nail olmayıb. Onlar elə öz qətiyyətsizliklərini ört-basdır eləmək, mövcud status-kvonu saxlamaq üçün bundan bizə qarşı bir təzyiq vasitəsi kimi istifadə eləyirlər. O qədər qətnamə qəbul eləyib arxasınca düşməyən təşkilatların birdən-birə bu məsələyə dair təxirəsalınmaz qətnamə qəbul etməsi nə deməkdir? Bu, ilk növbədə öz qətiyyətsizliklərini nə ilə isə ört-basdır eləmək deməkdir. Zahid Oruc buyursun.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, mən də hamımızı payız sessiyasının başlanması münasibətilə təbrik edirəm. Sizə can sağlığı, milli mənafelər naminə işimizdə uğurlar arzulayıram.
Cənab Sədr, Sizin qaldırdığınız məsələ, əslində, Azərbaycan insanları arasında bəlkə elə 8 il ərzində hər zaman müzakirə olunubdur və bu beynəlxalq reaksiyalar öz-özlüyündə “Ramil Səfərovun azad olunmasına kimlər mane olubdur” sualını çox yaxşı cavablandırır. İkinci tərəfdən hökmün özü də elə həmin dairələrin əli ilə verilmişdi. Macarıstan cəmiyyətinin daxilinə bələd olanlar bilirlər ki,  erməni lobbisi və diasporu orada elə də üstünlük təşkil eləmir. Sadəcə, bu hökm Azərbaycan xalqına görk olsun deyə çıxarılmışdı. Bununla onu demək istəyirdilər ki, Qarabağ uğrunda savaş aparsanız, dövlət bayrağınız təhqir olunanda cavab vermiş olsanız, sizi ən ağır sanksiyaya məruz qoyacayıq. Dəmir barmaqlıqlar arxasında ömrünün axırına qədər çürüyəcək Ramil Səfərov kimi. Yəni bu, bütövlükdə Azərbaycan xalqına çıxarılmış hökm idi.
Cənab Prezident Ramil Səfərovun ölkəmizə ekstradisiyasını xüsusi bir hərbi əməliyyat kimi həyata keçirdi. O prosesi bir az yaxından izləyənlər bilirlər ki, son yazışmaların şifrələnməsi üçün belə daha fərqli bir model  seçilib və Ramil Səfərovun ayağı Azərbaycan torpağına dəyənə qədər erməni kəşfiyyat orqanları və deməli, erməni cəmiyyəti bundan məlumatsız olub. Bunları həm də hiddətləndirən budur. Çünki onların öz gücləri haqqında illərlə formalaşdırdıqları əfsanələr dağılıbdır.
Başqa tərəfdən bu həm də bizə bir yaxşı testdir. Məsələn, Zəngilanın azad olunması üçün bir hərbi əməliyyat başlayıb uğurla axıra çatdırmış olsaq, bizi hansı reaksiyalar gözləyəcəyini göz önünə gətirək. Yəni bu o deməkdir ki, beynəlxalq qurumlar cənab Sədrin dediyi kimi, prosesi  inhisarlarında saxlayıb, öz iqtisadi-siyasi, geopolitik maraqlarını güdərək ölkəmizin Dağlıq Qarabağ problemindən Azərbaycanı və regionu idarə eləmək üçün yaxşı bir zəif bənd oyunu kimi istifadə etmək istəyirlər.
Düşünürəm, Ramil Səfərov azad olundusa, Azərbaycanın gücü buna nail olmağa yetdisə, bu, gələcəkdə torpaqlarımızın azad olunması yolunda çox mühüm bir həlqə kimi, təbii ki, düşmənlərə, qarşı tərəfə də, erməni cəbhəsində dayanan əsgərin mənəvi-psixoloji durumuna da, Sarkisyan rejiminin halına da təsir eləyir.
Araz Əzimov bəyan elədi ki, danışıqlar dayanıbdır. Mən, əslində, danışıqların dayandırılması problemindən danışacaqdım. Amma indi bu barədə danışmaq istəmirəm. 
Bu yaxınlarda beynəlxalq qurumların təmsilçiləri, 19 ATƏT səfiri Azərbaycana gəlmişdi. Bahar xanımın rəhbərliyi ilə biz onlarla görüşdük. Mən onlarla söhbətdə dedim, erməni cəmiyyəti bizi ittiham eləyir ki, kriminalı, faşizmi, erməni xalqının məhv edilməsi siyasətini stimullaşdırırıq. 100 il ərzində bircə dənə ermənini göstərsinlər ki, azərbaycanlını qətlə yetirdiyinə görə ona mükafat yox, cəza veriblər.
Sədrlik edən.  Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, mən də payız sessiyasının başlanması münasibətilə hər birinizi təbrik edir, son dərəcə ciddi xarakter daşıyan bu fəaliyyətinizdə sizə uğurlar diləyirəm.
Cənab Sədr, Sizin gündəliklə bağlı təklifiniz, əlbəttə, çox önəmlidir və bu mövzuda açılan müzakirənin nəticəsi, heç şübhəsiz ki, bütövlükdə Milli Məclisin mövqeyi kimi ortalığa qoyulacaqdır.
Ramil Səfərovla bağlı baş vermiş hadisələrin mahiyyət və məntiqində biz iki cəhətə xüsusi önəm verməliyik. Birinci cəhət ölkə Prezidentinin öz vətəndaşlarına son dərəcə diqqət və qayğı göstərməsi,   işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün Ramil Səfərovun timsalında nümayiş etdirdiyi dəmir iradə və dəyişməz mövqedirsə, ikinci cəhət Ramil Səfərovun beynəlxalq hüquq normalarına uyğun olaraq  Azərbaycana gətirilməsinin və ölkə Konstitusiyasına uyğun olaraq Prezidentimizin onu azad etməsinin, onun hərbi rütbəsinin bərpasının və  atılan sair addımların tamamilə hüquqa əsaslanmasına baxmayaraq, Ermənistan cəmiyyəti və hakimiyyətində, eləcə də erməni diasporunda bunun doğurmuş olduğu əks-sədadır.
Atılmış olan bu addım bütövlükdə erməni cəmiyyətinə və erməni dövlətinə çox ağır və sarsıdıcı psixoloji zərbə endirmişdir. Bu ağır psixoloji zərbənin təsiri altında Azərbaycan hətta Ermənistanın Prezidenti səviyyəsində terrorla hədələnir və ASALA terror təşkilatı Azərbaycanın Macarıstandakı səfirliyinə təhdid dolu məktublar göndərir. Beləliklə, ermənilər öz ənənələrinə uyğun olaraq terrorçuluq mahiyyətlərini ortalığa qoyurlar.
Çox təəssüf ki, beynəlxalq qüvvələr, ayrı-ayrı beynəlxalq güclər buna lazımi qiymət vermək əvəzinə sanki Ermənistanın faşist hərəkətini, terrorçuluğunu müdafiə edirlər. Azərbaycan bu gün dünyada antiterror hərəkatının ən fəal üzvlərindən biridir. Bu, artıq sübut olunub. Necə olur ki, Azərbaycan digər dövlətlərlə bərabər antiterror  hərəkatında fəal iştirak edir, lakin özü terrora məruz qalanda onun müttəfiqləri Azərbaycanın yanında deyil, Ermənistanın yanında olur? Bu nə məntiq, nə ədalətdir? Bu hansı obyektivliyi özündə ehtiva edən münasibətdir? Deməli, mahiyyət etibarilə bu gün Ermənistanın işğalçı siyasəti dünya birliyi tərəfindən müdafiə olunur. Ona görə də mənə elə gəlir ki, biz, hörmətli cənab Sədr, bu məsələ ilə bağlı xüsusi müzakirələr açmalıyıq. İndi bunu...
Sədrlik edən. Yarım dəqiqə də vaxt verirəm. Xahiş edirəm, 3 dəqiqə ilə kifayətlənin.
F.Ağamalı.  Təklif edirəm ki,  Azərbaycan Parlamenti ATƏT-in Minsk qrupunun fəaliyyətinin Azərbaycanda dayandırılması ilə bağlı xüsusi qərar qəbul etsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Çox sağ olun, möhtərəm cənab Sədr. Biz Azərbaycana beynəlxalq aləmdən ikili standartların, ikili yanaşmaların olduğunun hər zaman şahidi olmuşuq. Ona görə istərdim ki, bu məsələlərə bir qədər fərqli rakursdan yanaşaq. Mən çox istərdim ki, bu gün Azərbaycan parlamenti ASALA-nın  Azərbaycanı təhdid etməsi ilə bağlı mövqe ifadə etsin. Dəfələrlə bizi çəkmək istədikləri müstəviyə, Ramil Səfərov müstəvisinə çıxmayaq. Ramil Səfərov Macarıstanda mühakimə olunub, səkkiz il yarım həbsdə qalıb, Azərbaycana ekstradisiya edilib, Azərbaycanda əfv olunub. Bu bir tarixdir və bu tariximiz üzərinə qayıtmağa heç bir ehtiyac yoxdur.
Biz bu gün beynəlxalq təşkilatların da, dünya ictimaiyyətinin də diqqətini XXI əsrdə  hər kəsin terrorla mücadilə etdiyini bəyan etdiyi bir dövrdə ASALA-nın Azərbaycan diplomatiyasını, Azərbaycan dövlətini, Azərbaycanın xaricdə olan vətəndaşlarının təhlükəsizliyini təhdid etməsi ilə bağlı mövqe ifadə edək. Bu mövqe, əslində, proseslərə də bizim fərqli yanaşmamızı təmin etmiş olar və beləliklə, bizi çəkib oynatmaq istədikləri müstəvidən kənarda özümüzün dövlət və milli maraqlarımızı qoruya bilərik.
Əks tərəf çox istəyir ki, Ramil Səfərov məsələsi gündəmdən düşməsin, biz də mütəmadi olaraq bunun üzərinə qayıdaq, bu məsələni qaldıraq, onlar bir bəyanat verdikcə biz birini verək, bu məsələ bir beynəlxalq təşkilatın, bir deputatın, bir səfirin masasının üzərinə getsin, bilməyənlər də bu məsələyə qayıtsın, indiyədək mövqe bildirməyənlər də buna dair mövqe bildirsin. Hesab edirəm ki, bunun qarşısını almağın ən yaxşı yolu ASALA-nın terrorla bağlı təhdidlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və ondan yardım istəmək, o cümlədən diplomatlarımızın, xüsusilə Avropada olan diplomatlarımızın təhlükəsizliyi məsələsini Şərq tərəfdaşlığı və yaxın qonşuluq siyasəti çərçivəsində, “Avronest” çərçivəsində əməkdaşlıq etdiyimiz Avropa Birliyindən, üzvü olduğumuz Avropa Şurasından və ATƏT-dən, eləcə də  dünyanın aparıcı dövlətlərindən ciddi şəkildə tələb etməkdir.
Mən iş planı barədə, təbii ki, gündəliyin  birinci məsələsi ilə bağlı çıxışımda danışacağam. Çox sağ olun.
Sədrlik edən. Mən Sizin dediklərinizi qəbul edirəm. Bu istiqamətdə də işləmək lazımdır. Ancaq bu müraciətin qəbul olunmasının əsas səbəbi beynəlxalq təşkilatlarda bizə qarşı atıla bilən addımların qarşısını almaqdır.
Səfərimiz zamanı bir beynəlxalq təşkilatın rəhbəri ilə də görüşümüz oldu. Bu insan söylədi ki, bizə də belə bir sənəd qəbul etdirmək üçün təsir göstərilirdi. Ancaq bunu qəbul eləmədik. Çünki biz bu qətnaməni düzgün hesab eləmirik. Bu qətnamə Dağlıq Qarabağ probleminin həllinə yox, onun  ziyanına işləyəcək.
Eyni şeyləri mən də söyləmişdim. Bunları qabaqlamaq, belə qətnamələrin qəbul edilməsinin qarşısını almaq, vəziyyəti izah eləmək üçün müraciətlər, bəyanatlar qəbul edib bu təşkilatlara göndərməliyik. Əks təqdirdə bütün təşkilatlar Ramil Səfərov haqqında qətnamə qəbul edəcəklər. Onun qarşısını almaq üçün bu müraciət çox vacibdir. Siz deyən məsələ düzdür, o istiqamətdə də işləmək olar. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Mən də həmkarlarımın fikirlərinə qoşuluram. Təbii ki, indiki şəraitdə Ramil Səfərovla bağlı məsələni diqqətdə saxlamaq lazımdır. Eyni zamanda, cənab Sədr, düşünürəm, ermənilərin nail olmaq istədikləri əsas məsələlərdən biri odur ki, bu məsələni daim gündəmdə saxlasınlar. Əlbəttə, biz məsələyə obyektiv reaksiya verməklə yanaşı çalışmalıyıq ki, bu məsələ, ümumiyyətlə, beynəlxalq təşkilatların gündəmindən çıxsın. Çünki bu böyük bir hadisə deyil və dəfələrlə izah olunub. Əslində, Ramil Səfərova bir nəfəri qətlə yetirməklə bağlı törətdiyi cinayətə görə  Macarıstan məhkəməsi tərəfindən maksimum 13-14 il cəza verilməli idi və cəzasının üçdə ikisini çəkmiş bir insanın əfv olunması hüquqi baxımdan tamamilə qanunauyğun idi. Ermənilər ona nail oldular ki, bu məsələni beynəlxalq təşkilatların gündəminə çıxartdılar.
Mən burada kiçik bir şərh vermək istəyirəm. Məsələ burasındadır ki, indiyə qədər də beynəlxalq təşkilatların, Avropa Parlamentinin, bir çox qeyri-hökumət təşkilatlarının Azərbaycanda insan hüquqlarının vəziyyəti, demokratiya ilə bağlı qəbul etdiyi qətnamələr elə bu cür qətnamələr olub. Yəni bizim ictimaiyyətimiz bilməlidir ki, məsələ tək Ramil Səfərovla bağlı deyil. İndiyə qədər də qəbul edilmiş qətnamələrin mahiyyəti eyni olub. Bu, sadəcə, yeni bir bəhanə, yeni bir mövzu oldu və biz yeni bir qətnamənin şahidi olduq.
Cənab Sədr, mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Onların bütün bəyanatlarında xüsusi bir fikir əksini tapır. Guya ki, Ramil Səfərov yatmış bir şəxsi qətlə yetirib. Hətta Azərbaycanda yaşayan ermənilər də bilirlər ki, azərbaycanlıların digər xalqlardan, xüsusilə ermənilərdən fərqi həmişə ondan ibarət olub ki, cinayəti törədəndə də kişi kimi törədiblər. Yəni azərbaycanlı heç zaman yatmış şəxsə əl qaldırmaz. Ermənilərin çalışdıqları ondan ibarətdir ki, bizdə xalqımız haqqında başqa bir fərqli fikir yaratmış olsunlar. Təbii ki, buna nail ola bilmirlər Çünki bu, inandırıcı görünmür.
Hesab edirəm, biz bu məsələyə reaksiya verməklə yanaşı çalışmalıyıq ki, bu məsələnin, ümumiyyətlə, beynəlxalq təşkilatlarda, parlamentlərdə müzakirəyə çıxarılmasının qarşısını ala bilək və məsələni mümkün qədər bağlamış olaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən çox məmnunam ki, Siz bu təşəbbüslə çıxış elədiniz və bu gün biz Milli Məclisdə belə bir qərar qəbul edib Avropa Şurasına, digər beynəlxalq təşkilatlara göndərəcəyik. Çünki bizim iradəmizdən asılı olmayaraq artıq Avropa Şurası bu məsələni Parlament Assambleyasının müzakirəsinə çıxarmağa hazırlaşır. Mən hesab edirəm, Azərbaycan Respublikası Prezidentinin Ramil Səfərovun əfv olunması ilə bağlı qərarı Azərbaycanın milli maraqlarına cavab verən cəsarətli və ədalətli qərardır. Kazan görüşlərindən sonra Ermənistan faktiki surətdə bütün danışıqları dayandırmışdı. Bu şəraitdə Qarabağ probleminin həll olunmaması məsələsinin gündəmə gətirilməsi üçün də  belə bir qərarın qəbul olunması, məncə, əhəmiyyətli və önəmlidir.
Avropada bir islamofobiya var. Bu günlərdə mən Azər Kərimlidə bir məktub gördüm. Onu İtaliya parlamentindəki bir tanışından alıb. Siz o məktubu oxusanız görərsiniz ki, orada necə dəhşətli məsələlər qaldırılır. Məktubda deyilir ki, siz İtaliya parlamentində Azərbaycanın xeyrinə bir qərar qəbul eləməyə hazırlaşırsınız, halbuki Azərbaycan müsəlman ölkəsidir, ermənilər isə bizim xristian qardaşlarımızdır. Bunun özü sübut edir ki, Qarabağ probleminin həll olunmamasının kökündə həm də nə dayanır. Azərbaycana ögey münasibət var. Beynəlxalq güclər çox çalışırdılar ki, Dağlıq Qarabağı Ermənistana versinlər. Görəndə ki, Azərbaycan xalqı sona qədər mübarizə aparacaq, münaqişəni dondurmaq və bu minvalla Azərbaycana təzyiq etmək yolunu tutdular. Mən hesab edirəm ki, bütün bu məsələlərə görə etirazımızı bildirməliyik.
Mənim qaldıracağım digər məsələ Müsavat Partiyasının fəallarından olan Nigar Yaqublunun – gənc bir qızın həbsə atılması ilə bağlıdır. Mən hesab edirəm ki, onunla bağlı cinayət hadisəsində cinayətin qurbanının da günahı var.  Heç təcrübəli sürücülər də çox vaxt gecə maşın sürə bilmirlər, amma o, gecə vaxtı gənc bir qıza maşın sürmək öyrədirmiş. Allah ona rəhmət eləsin. Hər halda bu hadisə baş verib və Nigar Yaqublu həbs edilib. Amma ehtiyatsızlıqdan törədilən cinayətə görə ibtidai istintaq dövründə şəxsin həbs olunması bizim məhkəmə praktikamızda yoxdur. Ona görə mən xahiş edərdim ki, Milli Məclis rəhbərliyi bu məsələyə münasibət bildirsin və o şəxs ibtidai istintaq müddətində azadlığa buraxılsın. Bizim millət vəkilləri müraciət ediblər və biz də zamin dura bilərik ki, ibtidai istintaq dövründə o heç yerə qaçmayacaq, istintaqın çağırışlarına cavab verəcək. O azad olunsun, məhkəmə nə cəza verər, sonra verər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət müəllim islamafobiya məsələsindən danışdı. Biz görürük ki, Avropada, həqiqətən, belə bir məsələ var. Biz heç vaxt müsəlman ölkəsi olduğumuzu inkar eləməmişik. Azərbaycan müsəlman ölkəsidir, ancaq islam dövləti deyil. Azərbaycan dünyəvi dövlət qurur. Avropa səfərlərində bəzi insanlarla görüşlərimdə onlara sual verirdim ki, Azərbaycana qarşı ikili standartların səbəbi nədir? Müsəlman ölkəsi olduğumuz üçünmü bizə qarşı ikili standartlar tətbiq eləyirsiniz? Deyirdim, biz Avropaya can atırıq, inteqrasiya eləmək istəyirik, ancaq hər dəfə, hər il bizim qarşımızda  sədd  çəkib  onu   bir kərpic də qaldırırsınız. Yaxşı, sabah bu divar ucaldı, bir-birimizi görmədik, onda nə olacaq?
Əgər bizi Avropa ailəsinə qəbul etmək istəmirsiniz, birdəfəlik deyin, bilək. Yoxsa hər dəfə qarşımıza bir daş atmaqla, ikili standartlardan çıxış eləməklə nəyə nail olmaq istəyirsiniz? Bizim hər cür imkanlarımız var, Azərbaycan özünü dolandıra bilən ölkədir. Söhbətin bu yerində onlar hər şeyi danır, boyunlarından atırlar. Ancaq biz görürük ki, əllərinə bir bəhanə düşən kimi Azərbaycana təzyiq göstərməyə başlayırlar. Bunların hamısını görmüşük. Azərbaycan xalqı dözümlü xalqdır. Biz bu qədər dözmüşük, yenə də dözüb bu siyasətimizi davam etdirməliyik. Axırı  çox uzaq deyil. Yəqin bir gün hər şey aydınlaşacaq, bilinəcək. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Sizin səsləndirdiyiniz təklif həm aktual, həm də günün reallığı ilə səsləşən bir təklifdir. Hesab edirəm ki, biz, ümumiyyətlə, Ermənistanla bağlı məsələlərə yanaşmalarımızda düzəlişlər etməliyik. Mənim fikrimcə, bu gün Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz cinayətinə görə beynəlxalq hüquqi məsuliyyətin hələ də açıq qalması qəbulolunmazdır.
Dövlətimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqqında BMT-nin Təhlükəsizlik Şurasına ünvanlanacaq müvafiq sənəd müzakirəyə çıxarılmalı idi və mən hesab edirəm ki, indi müzakirəyə çıxarılacaq sənəd məhz bu mahiyyətdə olmalıdır.  Respublikamızın BMT Təhlükəsizlik Şurasının  qeyri-daimi üzvü olması, ratifikasiya edilmiş beynəlxalq hüquqi aktlar, indiki diplomatik şərait Ermənistanın törətdiyi təcavüz cinayətinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə tam əsas və  imkanlar yaradır. Mən bilmirəm ki,  bir müddətdən sonra bu imkanlarımız azalacaq, yoxsa artacaq. Buna görə biz ermənilərin hücuma keçmək taktikasından özümüz yararlanmalıyıq və məncə, bu müstəvidə tədbirlər görülməlidir.
Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT-nin Təhlükəsizlik Şurası qarşısında məsuliyyət daşıyır. Bu isə  BMT-nin Təhlükəsizlik Şurasına təcavüzkar haqqında məcburi tədbirlər görmək səlahiyyəti verir. Çünki digər hüquq pozuntularında olduğu kimi, təcavüzə görə də müasir beynəlxalq hüquqda məsuliyyət restitusiya və reparasiya formasında  nəzərdə tutulur. Bunu əsas götürərək biz BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq məsuliyyət tədbirlərinin işə salınması və məcburiyyət tədbirlərinin görülməsi üçün əlimizdən gələni etməliyik ki, bu məqsədə nail olaq. Mən hesab edirəm ki, bunun üçün biz bugünkü müraciətimizdə də müəyyən qədər təməl prinsiplərdən istifadə etməli və müəyyən addımlar atmalıyıq.
BMT Təhlükəsizlik Şurasının istər maddə 41-də nəzərdə tutulan silahlı qüvvələrin tətbiqi ilə bağlı olmayan sanksiyaları, istərsə də 42-ci maddədə nəzərdə tutulan hərbi sanksiyaları tətbiq etmək üçün kifayət qədər əsası vardır. Bunun üçün o, BMT-nin 4 məlum qətnaməsindən də istifadə eləyə bilər. Biz bunu da, məncə, müraciətə daxil etməliyik.
ATƏT-in vasitəsilə aparılan danışıqların heç bir nəticəsi olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin heç bir mənası yoxdur. Burada bu fikir də səsləndi, mən bu fikri də dəstəkləyirəm. Əvvəla, ən yaxşı halda Ermənistanla danışıqların sonucu Ter-Petrosyan dönəmindəki səviyyəyə qədər gəlib çata bilər ki, həmin məqamda ermənilər ən azından hakimiyyət dəyişikliyi eləməklə hər şeyi yenidən, yəni sıfırdan başlamaq təcrübəsinə malikdirlər. Yenə eyni taktikanı yürüdə bilərlər. Məncə, bu danışıqların heç bir mənası yoxdur. Məqsəd isə, təbii ki, indiki status-kvonu uzatmaqdır. Biz bu məsələləri nəzərə alaraq onlarla danışmaqdansa BMT ilə danışmağa üstünlük verməliyik.
İkincisi,  “animus aqressionus” deyilən bir termin vardır. Bu termin...
Sədrlik edən. Davam edin. 
F.Quliyev. Bu termin dövlətin fəaliyyətində əvvəlcədən düşünülmüş təcavüzkarlıq niyyətinin olmasını ifadə edir. Ermənistanın da əvvəldən nəzərdə tutduğu təcavüzkarlıq niyyəti olduğu üçün, hesab eləmirəm ki, ermənilər öz mövqelərindən geri çəkiləcəklər. Ona görə də yaxşı olar ki, Ermənistanla danışıqları davam etdirməyə cəhd etmədən BMT ilə danışıqlara başlayaq və proseduru başlamaq üçün Oqtay müəllimin təklif elədiyi komissiyada yaranacaq sənəddə də yuxarıda sadaladığım prinsip və hədəfləri əsas götürək. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Artıq 41 dəqiqə keçib. Mən xəbərdarlıq eləməmişdim. Ona görə xahiş edirəm, Siyavuş Novruzova da söz verək və  bununla müzakirələri bitirək. Buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də payız sessiyasının başlanması münasibətilə başda Siz olmaqla, Oqtay müəllim, bütün deputat həmkarlarımı təbrik edir, yeni iş mərhələsində hamınıza uğurlar arzulayıram.
Burada çox düzgün olaraq qeyd edilən məsələlərə mən də qoşuluram. Oqtay müəllim, çox yaxşı tərkibdə bir komissiya yaratdıq. Mən təklif edirəm, bu komissiya bir məsələ ilə bağlı yox, ümumiyyətlə, fəaliyyət göstərsin və hər hansı bir qərar, qətnamə qəbul etmək lazım olanda dərhal reaksiya versin. Yəni gözləməsin, Milli Məclisin iclası olacaq,  yenidən komissiya yaradılacaq. Buna hər bir həmkarım tərəfdar olar ki, yaratdığımız komissiyanın üzvləri dünyadan başı çıxan püxtələşmiş insanlardır. Bu məsələlərə onlar münasibətlərini bildirəcəklər.
Burada Ramil Səfərovla bağlı fikirlər səsləndi. Mən hesab edirəm ki, bu məsələ bitməli, buna nöqtə qoyulmalıdır. Bəziləri öz reklamlarını Ramil Səfərovun üzərində qurur, digərləri başqa bir işlə məşğul olur. Bu məsələ cənab Prezident tərəfindən həll olundu, bitdi. Cənab Prezident   birbaşa öz sərəncamı, fərmanı ilə buna münasibətini bildirdi. Mən hesab edirəm ki, ondan sonra qalan hallara artıq diqqət yönəltməyə ehtiyac yoxdur. Çünki bundan Ramil Səfərov özü də, elə cəmiyyət də narahat olur. Beynəlxalq təşkilatlar da bunu istəyir. O baxımdan bu məsələyə yanaşma da belə olmalıdır.
Bu gün biz regionda və dünyada baş verən hadisələrə nəzər salanda görürük ki, ətrafımız süngü çəpərinə dönübdür. Sağdan, soldan, hər tərəfdən Azərbaycan mühasirə vəziyyətindədir. Belə bir şəraitdə beynəlxalq təşkilatların atdığı qərəzli addımlar... Aydındır ki, ömür boyu bunların Azərbaycana münasibəti bu olub. Buna səbəb onların Azərbaycanın inkişafını gözügötürməzliyi və digər məsələlərdir. 
Cənubi Azərbaycan məsələsi heç vaxt yadlarına düşməyən beynəlxalq təşkilatlar, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, onun konqresi son günlər “Cənubi Azərbaycan, Cənubi Azərbaycan” deyə düşüblər ortaya. Sual olunur, niyə indiyə qədər bu Cənubi Azərbaycan sizin yadınıza düşmürdü, orada insanlar qətlə yetiriləndə, onların hüquqları pozulanda, məktəbləri olmayanda, dili sıxışdırılanda, köməyə ehtiyacları olanda onları heç xatırlamırdınız. İndi nə olub ki, Cənubi Azərbaycan yada düşüb, nədən ötrü onu xatırlayırsınız? Azərbaycanla İranın münasibətini korlamaqdan ötrü!  Əgər belə arzunuz, istəyiniz var idi 1905-ci ildə, 1945-ci ildə, 1979-cu ildə o addımları ataydınız. Onda sərf etmirdi, indi artıq sərf edir?
Mən hesab edirəm ki, bu məsələdə biz çox həssas, diqqətli olmalıyıq. Sabah bu məsələ həll olunanda Cənubla Şimalın birləşməsinə də heç biri imkan verməyəcək. Ona görə mən hesab edirəm, bu məsələdə biz diqqətli olmalıyıq ki, xarici kəşfiyyatın, bəzi qüvvələrin oyuncağına çevrilməyək.
Sədrlik edən. Sağ olun. Keçirik gündəliyə. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqındadır. Qanunvericilik işləri planı hamınıza paylanıb. Xahiş edirəm, müzakirədə iştirak etmək istəyənlər yazılsınlar. Elmira Axundova. Bir dəqiqə, üzr istəyirəm, reqlamenti müəyyənləşdirmədik. Nə qədər olsun – 5 dəqiqə, 10 dəqiqə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Birinci gündən elə edək ki, razılıqla olsun. Kim istəyər, 10 dəqiqə danışar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən xahiş edirəm, indi spikerin sözünə də hörmət edin, 5 dəqiqəni əsas götürək. Buyurun, Elmira xanım.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sizləri payız sessiyasının başlanması münasibətilə təbrik edir, hər birinizə can sağlığı və məhsuldar fəaliyyət arzu edirəm.
Mən payız sessiyasının fəaliyyət planını ümumilikdə dəstəkləyirəm. Baxmayaraq ki, bu planda bizim təhsil prosesinin müxtəlif pillələri,  xüsusən məktəbəqədər, orta və texniki peşə təhsili ilə bağlı daha çox qanun layihəsi görmək istərdim. Düşünürəm ki, bu qanunların yubanması təhsil sahəsində  hazırda həyata keçirilməkdə olan və gələcəkdə də davam etdiriləcək islahatları əngəlləyən faktorlardan biridir.
Hörmətli Sədr, Milli Məclis tərəfindən son illər qəbul edilən qanunların icrası məsələsinin payız sessiyasının gündəliyinə daxil edilməsi təklifi ilə çıxış etmək istərdim. Heç kəsə sirr deyil ki, əsasən təşkilati və korporativ maraqlara toxunan qanunlar daha tez və operativ şəkildə icra olunur. Bununla belə, sosial-iqtisadi, ekoloji, ictimai sahəyə aid olan bir sıra qanunlar həddindən artıq ləng icra edilir. Məsələn, “Keçmiş məhbusların sosial reabilitasiyası haqqında” Qanunu götürək. Həmin Qanunun Prezident tərəfindən imzalanmasından 4 il ötməsinə baxmayaraq, bu qrup vətəndaşlar üçün Qanunda nəzərdə tutulmuş sosial reabilitasiya mərkəzlərindən biri də yaradılmayıb. Halbuki sosial reabilitasiya mərkəzlərinin yaradılması həmin Qanunun özəyi idi.
“Tibbi sığorta haqqında” Qanunun imzalanmasından 5 il ötməsinə baxmayaraq, bu istiqamətdə də heç bir iş görülməmişdir.
Bir neçə ay öncə yaz sessiyası dövründə “İstehsalat və məişət tullantıları haqqında” Qanuna, həmçinin nəzərdə tutulmamış yerlərə məişət tullantıları atmağa görə cərimələrin həcminin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etmişik. Həmin dəyişikliyə görə zibil qutuları yüz metrdən bir yerləşdirilməlidir. Bunu icra etməyən vəzifəli şəxslər isə cərimə olunmalıdırlar. Çox yaxşı dəyişikliklərdir, amma dəyişən heç bir şey yoxdur. Əgər bu dəyişikliklərin icrasına bu gün başlasaq, gərək ölkə əhalisinin yarısını və bu tullantıların toplanması və daşınmasına cavabdeh olan icra hakimiyyəti və bələdiyyə məmurlarının hamısını cərimə edək. Üstəlik “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti mövcuddur ki, bu məsələ onun da səlahiyyətinə daxildir.
Tam məsuliyyətlə deyə bilərəm ki, hələlik heç bir şəhər strukturu öz vəzifəsinin öhdəsindən gələ bilmir. Abşeron qəsəbələri – Buzovna, Şüvəlan, Zuğulba, Pirşağı və digərləri, həmçinin gözəl dənizimizin sahilboyu ictimai çimərlikləri də tullantılarla zibillənib. Qəsəbələrin heç birində zibil qutuları yoxdur. Demək olar ki, zibil konteynerləri mövcud deyildir. Olanlar isə həftələrlə təmizlənmir. Gözəl şəhərimiz Bakının özündə də müasir zibil qutuları kifayət qədər deyil. Sakinlər siqaret kötüklərini və dondurma qablarını atmağa yer tapmırlar. Sahil boyunca nəhəng  zibil yığınları, dənizin və şəhərin üzərində uçuşan, ağaclardan asılı qalan polietilen paketlər bizim ayıbımızdır.
Mən təklif edərdim ki, qəbul etdiyimiz qanunların icrasının keyfiyyətini müzakirə etmək üçün nazirlərin, icra hakimiyyəti başçılarının, iri bələdiyyələrin rəhbərlərinin iştirakı ilə xüsusi iclaslar təşkil olunsun. Bu tədbir qanunvericilik və icra hakimiyyətinin əhali arasında hörmət və nüfuzunun qorunması üçün çox vacibdir. Həmin tədbirlər sayəsində bu və ya digər icra hakimiyyəti orqanına öz iradımızı ünvanlaya, bu və ya digər qanunun icra edilməməsi, ya da yetərincə icra olunmamasının səbəbini öyrənə biləcəyik. Nəticədə vacib qanunların icra olunmasına məsul olan icra hakimiyyəti orqanlarının məsələ ilə bağlı məsuliyyəti artmış olacaq. Doğrudur, qanunların icrasına nəzarət Milli Məclisin səlahiyyəti daxilində deyil. Lakin parlament icra strukturlarından hesabat tələb edə, ictimai dinləmələr təşkil edə bilər.
Nəzərə almaq lazımdır ki, qanunların icrası daim ictimaiyyətin diqqət mərkəzindədir. Əgər ölkə başçımız tərəfindən imzalanan qanunlara qarşı  bu cür münasibət davam edəcəksə, icra və qanunvericilik hakimiyyəti orqanlarının hörməti düşməkdə davam edəcək. Görüşlərim zamanı bu barədə mənə seçicilərim dəfələrlə bildiriblər və biz xalqın səsinə qulaq verməliyik. Xahiş edirəm, mənim qaldırdığım bu məsələ payız sessiyasının gündəliyinə daxil edilsin. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür  edirəm,  hörmətli  Ziyafət  müəllim. Reqlamentin, məncə, sona qədər 5 dəqiqə olması müəyyənləşdirilmədi, yəni o, könüllülük əsasında tənzimlənir. Elə deyilmi, Ziyafət müəllim?
Sədrlik edən. Hər halda Siz çalışın, fikirlərinizi 5 dəqiqəyə  yekunlaşdırın.
Z.Oruc. Hörmətli Ziyafət müəllim, mən parlamentin payız sessiyasının qanunvericilik işləri planına bir neçə qanun layihəsi təklif etmək istərdim. Amma öncə qeyd edim ki, parlament keçmişdə həm Konstitusiya ilə, həm də sonrakı qanunlarla ictimai dinləmələr, müxtəlif dinləmə saatları və sair təyin eləmək hüququna malikdir və çox arzulayıram ki, qarşıdakı dövrdə bu hüquq tətbiq edilmiş olsun.
Mən əslində cari məsələlər sırasında Qarabağ problemi ilə bağlı son duruma parlamentin münasibət bildirməsi üçün təkliflə çıxış edəcəkdim.  Araz Əzimov qeyd etdi ki, danışıqlar dayanıbdır.  Bu öz-özlüyündə yeni situasiyadır. Bu situasiyanın adını qoymaq lazımdır. Biz keçmişdə deyirdik ki, bu nə hərb, nə sülhdür. Amma indi, doğrusu, bəlli deyil, bu nə şəraitdir. Azərbaycan insanı da sonuna qədər ümidini saxlayırdı ki, bu problem bəlkə də danışıqlar vasitəsilə həll edilmiş oldu.
Əgər sülh danışıqları dayanmış olursa, Ermənistan danışıqlardan çıxırsa, bizi şantaj edirsə, biz parlament olaraq bütün səfirləri, burada fəaliyyət göstərən bütün diplomatik korpusları dəvət edərək və bunu, əlbəttə ki, cənab Prezidentlə razılaşdıraraq, – çünki bütün bu danışıqlar prosesinin məxfi detalları birinci olaraq məhz ona bəllidir, –  parlamentdə dinləmələr, geniş müzakirələr keçirməliyik. O səfirlərə bəyan etməliyik ki, bundan sonrakı dönəmdə Qarabağ prosesinin bütün məsuliyyəti –  müharibənin və ya lokal səviyyədə hər hansı silahlı toqquşmaların məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Mən çox arzulayıram ki, parlament təxirə salmadan bu məsələyə münasibət bildirsin. Çünki bildiyim qədər, Qarabağ danışıqları prosesində heç zaman belə bir vəziyyət meydana gəlməyib.
Qanunvericilik işləri sırasında mən ilk növbədə təhsillə bağlı bir təklif etmək istəyirəm. Hörmətli Ziyafət müəllim, bilirsiniz ki, Azərbaycanda ali hərbi təhsil sistemi formalaşıbdır. Amma bunun qanunvericilik əsasının da yaradılmasına ciddi ehtiyac var. Ona görə mən ali hərbi təhsil sisteminin ayrı-ayrı sənədlərdə əksini tapan müddəalarla tənzimlənməsindənsə, ayrıca bir qanunun qəbul olunmasını təklif edirəm.
Daha sonra, dini hisslər məsələsi. Son dövrlər dünya çapında  müsəlmanlar əleyhinə proseslər cərəyan edir. Mən dini hisslərin tapdalanması və dini simvolların təhqir olunmasına görə sanksiya rejiminin dəyişdirilməsinin, əslində, maddi xarakter daşıyan cəzanın  daha da sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edirəm. Hesab edirəm ki, parlament bununla bağlı müəyyən addımlar atmalıdır.
Daha sonra, kiber təhlükəsizliyi məsələsi. Cənab Prezident artıq kiber təhlükəsizliyi məsələləri ilə əlaqəli xüsusi bir dövlət qurumunun yaradılmasını fərmanı ilə təsbit eləmiş oldu. Zənn edirəm ki, Azərbaycan parlamenti də həm informasiya təhlükəsizliyi, həm də kiber təhlükəsizliyi məsələlərinə münasibətdə addımlar atmalıdır. Bizim hər birimiz bilirik ki, bu gün kompüterlər nəinki sadəcə yazı və ötürmə funksiyalarını, hər bir əməliyyatı yerinə yetirmək imkanlarına malikdir. Bütün bunlar xaricdən ölkə içərisinə daxil olur, dövlət qurumlarında yerləşdirilir, onun məxfi rejiminə kənardan müdaxilə imkanları yaradır. Təsəvvür etmək çətin deyil ki, bu, informasiya sızmaları halında dövlətin təhlükəsizliyinə nə qədər böyük zərbə vura bilər. Ona görə mən kiber təhlükəsizliyi məsələsi ilə əlaqəli ayrıca bir qanunun qəbul olunmasını təklif edirəm.
Yol hərəkəti təhlükəsizliyi. Son dövrlər Azərbaycan mediası bunu çox fəal şəkildə gündəmə gətirir. Bilirsiniz ki, burada çoxlu amillər rol oynayır. Mən çox arzulayıram ki, avtomobil yollarında baş verən “qətliamları” parlament  xüsusi dinləmələrlə daha geniş şəkildə təhlil və müzakirə etsin, bunun qanunvericilik əsaslarına yenidən qayıtsın. Ayrı-ayrı məsələlərdə daha sərt qərarlar vermək gərəkdirsə, biz bunu edək. Çünki avtonəqliyyatla bağlı bu ölümlər artıq hərbi itkilərimizin statistikası ilə müqayisə olunur. Bu isə bizim üçün çox ağır nəticələr deməkdir.
Nəhayət, sonuncu təklifim. Mən Azərbaycan müəllimi haqqında ayrıca bir qanunun qəbul olunmasını keçən sessiyada da təklif etmişdim. İndi bir daha o fikri gündəmə gətirirəm. Azərbaycan müəlliminin hüquq və vəzifələri, statusu, dövlət qulluqçusu kimi tanınması və sair ayrıca bir qanunla təsbit olunmalıdır. Türkiyənin, Rusiyanın və digər ölkələrin praktikasında artıq bu cür qanunlar qəbul olunubdur. Azərbaycan parlamentinin belə bir addım atması Azərbaycan müəlliminin həyatına, vəziyyətinə, gələcəyinə, onun millət quruculuğu fəaliyyətindəki roluna xüsusi bir qiyməti olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Zahid müəllim, sağ olun, təşəkkür edirəm. Mən, sadəcə, kiber təhlükəsizliyi ilə bağlı bir şeyi yadınıza salmaq istəyirəm.  Bilirsiniz ki, bu yaxınlarda cənab Prezidentin nəinki kiber təhlükəsizliyi, həm də informasiya təhlükəsizliyi ilə bağlı xüsusi fərmanı oldu və həmin sənədə görə Xüsusi Dövlət Mühafizə Xidməti nəzdində böyük bir dövlət agentliyi yaranır. Buna uyğun bir orqan da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yaradılır. Tapşırıq da verilib ki, həmin dövlət agentliyinin əsasnaməsi iki ay ərzində hazırlanıb Prezidentə təqdim olunsun. Bu, əlbəttə, çox ciddi məsələdir və bu yaxınlarda agentliyin əsasnaməsi cənab Prezidentə təqdim olunacaq. Demək istəyirəm, əlbəttə, bu məsələyə çox ciddi fikir verilir. Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən qeyd etmək istəyirəm ki, Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı kifayət qədər zəngindir və planda çox əhəmiyyətli qanunların qəbul olunması nəzərdə tutulmuşdur.
Ziyafət müəllim, mənim təklifim millət vəkillərinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlıdır. Məlumdur ki, millət vəkillərinin fəaliyyətini Milli Məclisin Daxili Nizamnaməsi tənzimləyir. Amma bu Daxili Nizamnamə deputatın  parlamentdaxili məsuliyyətini nəzərdə tutur. Eyni zamanda, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunumuz var. Amma bir çox sivil ölkələrdən fərqli olaraq Azərbaycanda Deputatın etik davranış Kodeksi mövcud deyildir.
Hesab edirəm ki, əgər hakimiyyətin digər iki qolunun nümayəndələrinin, yəni dövlət qulluqçularının və hakimlərin etik davranış qaydalarını tənzimləyən qanun mövcuddursa, millət vəkillərinin də etik davranış qaydalarını tənzimləyən ayrıca bir kodeksin, ya da Daxili Nizamnaməyə və ya “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanuna əlavələrin qəbuluna ehtiyac var. Çünki hakimiyyət nümayəndəsinin yalnız vəzifədə, iş başındakı davranışı yox, işdən kənardakı davranışı da tənzimlənməlidir və bunu tənzimləyən sənəd Etik davranış Kodeksidir.
Məlumat üçün demək istəyirəm ki, belə bir layihənin işçi variantını biz Korrupsiyaya qarşı mübarizə komissiyasının bir layihəsi çərçivəsində işləyib hazırlayırıq. Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş müəllimlə də bu layihə ilə bağlı müzakirəmiz olub. O da bu fikri dəstəkləyir. Əgər rəhbərlik bu təklifi dəstəkləyərsə, biz payız sessiyasına belə bir layihəni təqdim edə bilərik. Hesab edirəm ki, Deputatın etik davranış Kodeksinin də Milli Məclisin iş planına salınması məqsədəmüvafiq olardı. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən payız sessiyasının işinə uğurlar arzulayıram. 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı kifayət qədər zəngindir və hesab edirəm ki, qəbul ediləcək qanunlar millətimizə və dövlətimizə xeyirli olacaq.
Hörmətli Ziyafət müəllim, mən çox əhəmiyyətli hesab etdiyim bir neçə məsələni qeyd etmək istəyirəm. Birinci, bu gün hörmətli  Sədrimizin təklifi ilə çox doğru olaraq yaradılmış komissiyanın hazırladığı bəyanat təkcə Avropa Şurasının Parlament Assambleyasına deyil, digər beynəlxalq təşkilatlara da ünvanlansın, preventiv olsun, qabaqlayıcı olsun. Çünki bu, zəncirvari reaksiya kimi gedəcək. Biz qabaqlayıcı addımlar ataq.
İkinci məsələ. Dünya praktikasına görə xarici işlər nazirlikləri öz aralarında imzalanan sənədlərdə müəyyən fikirlərin altına imza atırlar. Bizim Xarici İşlər Nazirliyimiz digər ölkələrlə sənədlər imzalayarkən orada Ermənistanla bağlı belə müddəaların da olmasına çalışmalıdır:  Ermənistana səfər edən xarici ölkə nümayəndələri qondarma Dağlıq Qarabağa səfər etməyəcəklər; Dağlıq Qarabağ separatçı rejiminin nümayəndələri müvafiq ölkələrə səfər edən Ermənistan nümayəndə heyətinin tərkibinə daxil edilməyəcəklər; müvafiq ölkələr öz vətəndaşlarını işğal altında olan Azərbaycan ərazilərinə getməmək barədə xəbərdar edəcəklər. 
Söyləyəcəyim digər məsələ. Bu da düşündürücüdür, hörmətli Ziyafət müəllim. Biz ayrı-ayrı rayonlarımızın işğal günlərini qeyd edirik. Mən bu ifadələrin mətbuata çıxmasını istəməzdim, amma biz həmin işğal günlərini qeyd etməyə toplaşan insanların sayının ildən-ilə azaldığını görürük və Ermənistanın da mövqeyini görürük. Ona görə mən təklif edərdim ki, biz  Azərbaycan torpaqlarının vahid işğal günü barədə düşünək. Mən bunu çox strateji, əhəmiyyətli məsələ kimi qiymətləndirirəm.
Növbəti məsələ. Siz də çox gözəl bilirsiniz, bizə bir möhtəşəm soyqırımı abidəsi lazımdır. Bu barədə, məncə, düşünməyə dəyər.  Doğrudur, Bakıda Xocalı soyqırımı ilə bağlı bir abidə var. Amma hesab edirəm ki, biz daha geniş şəkildə möhtəşəm bir soyqırımı abidəsinin  qurulması üçün addımlar atmalıyıq.
Hörmətli Ziyafət müəllim, xarici ölkələrin universitetlərində  ermənişünaslıq mərkəzləri də, azərbaycanşünaslıq mərkəzləri də açılır. Amma çox vaxt azərbaycanşünaslıq mərkəzlərində xarici dillərdə Azərbaycana aid  kitab tapılmır. Bu problemi səfirliklərimizin gücü ilə həll etmək çox çətindir. Sovet dövründə beynəlxalq kitab mübadiləsini həyata keçirən bir sistem var idi. İndi bu sistem, məncə, yoxdur. Yaxşı olardı ki, bizim universitetlərimizlə  digər ölkələrin müvafiq universitetləri arasında  əməkdaşlıq qurulsun və həmin mərkəzlər kitablarla təmin edilsinlər.
Söyləyəcəyim sonuncu məsələ uşaq televiziyası ilə bağlıdır. Bir vaxtlar hamı fikirləşirdi ki, Azərbaycanda başqa televiziya kanalları açılanda nələr olacaq, hətta “İctimai” televiziya ilə də bağlı çox mübahisələr gedirdi. Bu gün çoxlu televiziya kanallarımız var, fikir müxtəlifliyidir. Azərbaycan bu sahədə böyük bir inkişaf yolu keçib. Amma məncə, biz artıq uşaq televiziya kanalının açılması barədə də düşünməliyik. Biz uşaqlarımızın xarici ölkələrin televiziya kanallarında yayımlanan cizgi filmlərinə baxmasına necə razı ola bilərik? Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Biz yaz sessiyasının iş planını təsdiq edəndə  mən vurğulamışdım ki, nə yaxşı, Ali təhsil haqqında qanun layihəsi iş planına daxil edilib. Bu dəfə də o, iş planına daxil edilmişdi, amma sonradan çıxarılıb. Vaxtilə “Təhsil haqqında” Qanun da  dolaşığa düşmüşdü və biz uzun illər bu qanunu müzakirəyə çıxara, qəbul edə bilmirdik. İndi Ali təhsil haqqında qanun layihəsi həmin taleyi yaşayır. Bunun səbəbini bilmək istərdim.
İkinci mühüm bir qanun Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsidir. Mən həftənin 6-cı günü həmkarımız Eldar müəllimin “Azərbaycan” qəzetində bir müsahibəsini oxudum. Xəbəri olmayanlara tövsiyə edərdim ki, bu müsahibəni oxusunlar. Müsahibədə inkişaf etmiş Avropa ölkələrinin təcrübəsi əsas götürülərək bu məsələ kifayət qədər ciddi şəkildə əsaslandırılır. Həmin müsahibədə qeyd edilir ki, İsveç, İtaliya, Fransa, Danimarka, Almaniya kimi Avropanın inkişaf etmiş ölkələrinin ərzaq təhlükəsizliyində kənd təsərrüfatı kooperasiyaları xüsusi rol oynayır və onlar ölkənin ərzaq təminatının 60 faizdən 100 faizə qədərini təmin edirlər. Amerika Birləşmiş Ştatları da eyni qaydada. Biz  Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsini ikinci oxunuşda qəbul etmişik. Artıq Azərbaycanın bir çox rayonlarında bu qanun olmadan belə vətəndaşlar özləri kooperasiyalar yaradıblar. Şəxsən mən dövlət televiziyasından Masallıda çayçılıqla bağlı belə bir kooperasiyanın  fəaliyyət göstərməsini seyr etmişəm. Bəs hansı maraqlardan çıxış edilərək bu qanunun qəbuluna belə bir problem, maneçilik yaradılır?
Təhsil kreditləri ilə bağlı məsələni götürək. Kasıb insanlar öz uşaqlarını oxuda bilmirlər, ona görə ki, onların, sadəcə olaraq, təhsil haqqı ödəmək imkanları yoxdur. İnkişaf etmiş dünyanın keçdiyi bir yol var. Niyə biz bu təcrübədən istifadə etməyək? Dövlətin də, şükür Allaha, buna imkanları çatır. Ona görə çox istərdim ki, biz Təhsil kreditləri haqqında qanun layihəsini də iş planına daxil edək.
Bundan başqa, Konstitusiyanın 95-ci maddəsinin III hissəsinə görə Azərbaycan Respublikasının Milli Məclisi ölkə həyatı ilə bağlı zəruri hesab etdiyi istənilən məsələni müzakirəyə çıxarıb müvafiq qərar qəbul edə bilər. Çox təəssüf, bir-iki siyasi bəyanatın verilməsi istisna olmaq şərti ilə yadıma gəlmir ki, biz bu hüququmuzdan Milli Məclis olaraq istifadə edək.
Qarşıdan qış gəlir. Gördünüz, 2 gün ildırım çaxdı, əvvəlcə Şabranda yarımstansiyanı vurdu, həftənin V günü də Mingəçevirdə. Biz hamımız bilirik ki, bu cür yarımstansiyalarda xüsusi ildırımötürənlər olur. Bir hadisə olsaydı, deyərdik ki, çatışmazlıq olub, ildırım vurub. Amma dalbadal bu, baş verirsə, deməli, nə isə ciddi problemlər var.
Hamımız 2010-cu ilin qışını xatırlayırıq, hətta Milli Məclisin də işıqları kəsilmişdi. Nə baş vermişdi? Onda mən ANS televiziyasından izlədim ki, Bakıya gələn elektrik dirəklərinin dayaqları çürüyüb. Bir balaca külək əsən kimi onları aşırmışdı. Mən o zaman da demişdim ki, ola bilsin, bu dirəklərin hamısını  dəyişməyə imkan yoxdur, amma qışqabağı qəza vəziyyətində olanları dəyişdirmək olardı. İndi kim təminat verir ki, bu qış külək əsməyəcək, yaxud Xəzər donmayacaq. Xəzər donsa, yenə Bakı işıqsız qalacaq.
Metropoliten işləmədi, insanlar metroda qaldılar. Çox şükür ki, bu,  ağır nəticələr vermədi, yəni ürək-damar xəstəlikləri olan şəxslər metroda ölə də bilərdilər. Metropolitenə bir xətt Mingəçevirdən gəlirsə, ikinci ehtiyat xəttini, tutaq ki, Şimal dresindən çəkmək olmazmı? Axı, metropoliten xüsusi strateji təyinatlı bir obyektdir. Belə məsələləri həll etmək üçün biz gərək Bakı Şəhər İcra Hakimiyyətinin başçısını, “Azəriqaz” Birliyinin Baş direktorunu, “Azərsu” Səhmdar Cəmiyyətinin və “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidentlərini bura dəvət edək və dinləmə keçirək. Plenar iclasda bunu etmiriksə, müvafiq komitə bir dinləmə keçirsin. Dünyada bu təcrübə var, biz də bundan istifadə etməli, dövlət quruculuğuna öz töhfəmizi verməliyik. Vətəndaşlarımızın  həyat və şəraitinin yüngülləşdirilməsi üçün biz də Milli Məclis olaraq müəyyən işləri görməliyik. Ona görə hesab edirəm ki, bu məsələ Milli Məclisin  iş planına daxil edilməlidir. Ümumiyyətlə, hər il payız sessiyasında qışa hazırlığın vəziyyəti Milli Məclisin müzakirəsinə çıxarılsın, millət vəkilləri də bu prosesdə iştirak etsinlər. Ona görə ki, çox vaxt vətəndaşlar məmurlarla görüşə bilmirlər, amma millət vəkillərinin yaxasından yapışırlar. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! İlk olaraq mən millət vəkillərini payız sessiyasının başlanması münasibəti ilə təbrik edirəm və onlara işlərində uğurlar arzulayıram. Milli Məclisin payız sessiyasının gündəliyi İqtisadi siyasət komitəsində geniş müzakirə olunub. Biz bir sıra məsələlərə toxunmuşuq və qanun layihələrinə fikirlərimizi bildirmişik. Çox təəssüf ki, bir sıra qanun layihələri iş planına daxil edilməyib, amma daxil edilənlərdə də müəyyən problemlər var.
İlk olaraq Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi ilə əlaqədar  fikrimi bildirmək istəyirəm. Ziyafət müəllim, bu qanun layihəsi 6 ilə yaxındır ki, Milli Məclisdədir. Bu müddət ərzində qanun layihəsi iki oxunuşdan keçib. İndi bizə məlumat verirlər ki, İqtisadi İnkişaf Nazirliyi təzədən bu qanun layihəsi üzərində işləyir və ondan sonra Milli Məclisə göndəriləcək. Bu qanun layihəsi Azərbaycan iqtisadiyyatı üçün bu gün çox önəmlidir. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev də hər dəfə Azərbaycan hökumətinin hesabatını dinləyəndə bu məsələyə toxunur. Yəni Azərbaycanda olan inhisarçılığın qarşısının alınması üçün belə bir məcəllənin qəbul edilməsi çox vacibdir. Mən arzu edərdim ki, biz, nəhayət, payız sessiyasında bu  məcəlləni qəbul edək ki, o, Azərbaycanda işləməyə başlasın.
İkinci bir məsələ. Biz komitənin iclasında Təhsil kreditləri haqqında qanun layihəsini müzakirə etdik və indi Qüdrət müəllim də bu məsələni qaldırdı. Biz təklif verdik ki, qanun layihəsi gündəliyə daxil edilsin. Amma indi baxıram, həmin qanun layihəsi gündəlikdə yoxdur. Səbəb nədir? Bu qanun layihəsinə ehtiyac yoxdurmu? Ehtiyac yoxdursa, gəlin, deyək ki, ehtiyac yoxdur. Amma təhsil haqqının ödənilməsi ilə əlaqədar Azərbaycanda çox böyük problemlər var.  Tələbələr təhsillərini davam etdirə bilmirlər, oxumurlar. Çoxlu müraciətlər alırıq. Valideynlər bizə müraciət edirlər ki, onlara kömək edilsin və sair. Hesab edirəm ki, Təhsil kreditləri haqqında qanun layihəsini payız sessiyasının qanunvericilik işləri planına salmaq və  baxmaq lazımdır.
Üçüncü məsələ qanunların icrası ilə əlaqədardır. Elmira Axundova bu məsələni qaldırdı. Ziyafət müəllim, “Tibbi sığorta haqqında” Qanun  çox vacibdir. Biz hamımız xaricə gedirik, gəlirik, istirahət edirik. Amma Azərbaycan vətəndaşı tibbi sığorta olmadığı üçün heç yerə müraciət edə bilmir. Azərbaycanın daxilində də insanlar faktiki olaraq tibbi sığortadan istifadə etmirlər. Bu qanun qəbul olunub. Yaxşı, bunun icra edilməməsinin səbəbi nədir? Hər hansı bir islahat aparmaq lazımdırsa, gəlin aparaq.  Mən başa düşürəm, bu qanunun tətbiqi müəyyən,  özü də ciddi islahatlar tələb edir. Hətta biz komitədə bunu müzakirə edəndə dedik ki, əgər bu qanun layihəsini bütün respublika üzrə təmin etmək  mümkün deyilsə, gəlin, pilot layihələr həyata keçirək. Bir-iki rayonda bunu həyata keçirək, sonra respublika üzrə baxaq. Mən çox təəssüflə qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanda bu qanun layihəsi icra olunmur. 
Burada Ramil Səfərovla əlaqədar məsələyə toxunuldu. Vaxtım var,  2 dəqiqə bu məsələ ilə əlaqədar danışmaq istəyirəm. Əlbəttə, cənab Oqtay Əsədovun Avropa parlamentindəki çıxışı məni çox razı saldı.  Ermənistana kəskin cavablar verdi, ciddi iradlar ortaya qoydu. Mən şəxsən dövlət başçısı cənab İlham Əliyevin atdığı addımları yüksək qiymətləndirirəm. Hətta müxalifətlə iqtidarın dialoqa getməsini, bu sahədə birgə bəyanat imzalanmasını, bəzi müxalifət nümayəndələri qəbul etməsələr də, mən bunu da çox yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti, nəhayət, bəzi məsələlərdə həmrəydir, bir yerdədir. Ramil Səfərov tək bir zabitin məsələsi deyil, Azərbaycanın siyasi məsələsidir. Azərbaycan Respublikasının Prezidenti bir daha iradəsini ortaya qoydu və dünyaya göstərdi ki, Azərbaycan istənilən halda öz zabitinə sahib çıxır. Bayaq islamafobiya ilə əlaqədar məsələlər ortaya qoyuldu və sair. Əlbəttə, bunların hamısı var. Faktiki olaraq Türkiyədən başqa Azərbaycanı müdafiə edən ikinci bir dövlət yoxdur. Hamının Azərbaycanda öz maraqları var. Ona görə də Türkiyə ilə birgə Qarabağ məsələsində ciddi addımlar atmağa ehtiyac var. Artıq mediada da bu söhbətlər gedir, mən bunu açıqlamaq istəmirəm. Biz yeganə dostumuz olan Türkiyə ilə əlaqələrimizi daha da şaxələndirməliyik.  Diqqətinizə görə çox sağ olun.   
Sədrlik edən. Sağ olun.  Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən müzakirəmizə təqdim olunan 2012-ci il payız sessiyasının qanunvericilik işləri planını bütövlükdə dəstəkləyirəm. Düşünürəm ki, burada çox mühüm, vacib  qanun layihələri nəzərdə tutulubdur və biz bunları qəbul edəcəyik. Xüsusi olaraq Elm siyasəti haqqında qanun layihəsini xüsusi təqdir edirəm. Düşünürəm ki, bu, ciddi xarakter daşıyan bir qanun layihəsi olmalıdır, çünki cəmiyyətimizin, dövlətimizin və bütövlükdə Azərbaycan məmləkətinin inkişafı elmin inkişafı ilə xeyli dərəcədə bağlıdır. O cəmiyyət, o dövlət ki öz inkişafını elmi əsaslarla qura bilir, o cəmiyyətin, o dövlətin, heç şübhəsiz ki, qüdrəti və nüfuzu daha güclü olur. Bu bizim hər birimizə aydındır. Azərbaycanda elmə münasibəti köklü şəkildə dəyişmək, elmi stimullaşdırmaq üçün belə bir qanun layihəsinin işlənib hazırlanması, qəbul edilməsi vacibdir. Çox yaxşı haldır ki, bu, payız sessiyasının gündəliyinə salınıb. 
Qüdrət müəllimin bir sıra fikirləri ilə tamamilə şərikəm. Ali təhsil haqqında, Təhsil kreditləri haqqında, Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihələri ilə bağlı mən də o fikirləri deyəcəkdim. Sadəcə, bunların ətrafında geniş müzakirə aparmadan hörmətli həmkarımın fikirləri  ilə tamamilə bölüşürəm. Lakin məndə olan məlumata görə Ali təhsil haqqında qanun layihəsi komitə tərəfindən işlənilib, amma hələ tam  hazır deyil. Çox güman ki, yaz sessiyasında o, gündəliyə çıxarılacaqdır. Biz, sadəcə olaraq, hörmətli həmkarımız Şəmsəddin müəllimdən xahiş edək ki, bunu yaz sessiyasına qədər çatdırsın və biz son dərəcə vacib olan bu qanun layihəsini qəbul edək. O, bizim “Təhsil haqqında” Qanunun taleyini yaşamasın. Mən buna ümidvaram.
Hörmətli  həmkarlar, mən bayaq  çıxışımın sonunda hörmətli Sədrdən xahiş edərək gündəliyə salınan bir məsələ ilə bağlı fikrimi yarım dəqiqə ərzində ifadə etdim. İstərdim ki, indi bir neçə dəqiqə həmin fikrin üzərində dayanım və təklifimi verim. Bu gün hamıya bəllidir ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini himayə edən dövlətlər var. Bu dövlətlər Minsk qrupunun həmsədrləridir. 20 ildən yuxarıdır ki, həmin Minsk qrupu və onun həmsədrləri ən müxtəlif variantlarla, yollarla, üsullarla status-kvonu qorumağa çalışırlar. Praktiki olaraq Ermənistanın işğalçı siyasətini stimullaşdırır, onu dəstəkləyir, ona hər hansı bir təpki göstərmir, hər hansı bir sanksiyalar tətbiq etmirlər. Yadınıza gəlirsə, Milli Məclisdə bu məsələ epizodik də olsa, müzakirə olundu.
Birləşmiş Millətlər Təşkilatının  bir qətnaməsi ilə Avropa ölkələri bütövlükdə Liviyanın başına od ələdilər. Mən onun nə dərəcədə həqiqət,  obyektiv olub-olmadığını tam kənara qoyuram. Birləşmiş Millətlər Təşkilatının işğal olunmuş torpaqların azad edilməsi haqqında 4 qətnaməsi var.  Bu günə qədər həmin qətnamələr yerinə yetirilmir. Niyə? Çünki həmin qətnamələrin yerinə yetirilməsinə mane olan Minsk qrupunun həmsədrləri – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadır.
Ona görə də həqiqətin üzünə düz baxaraq, nəhayət, ütülənmiş  sözlərdən,  diplomatik ifadələrdən, anlayışlardan imtina etməliyik,  çünki biz fövqəladə səfir deyilik, Xarici İşlər Nazirliyində də işləmirik. Biz millət vəkilləriyik, ona görə də fikirlərimizi aydın bildirməliyik. Bunun üçün təklif edirəm ki, Minsk qrupuna daxil olan ölkələrin sədrləri Milli Məclisə dəvət olunsun və bu məsələ ətrafında müzakirə açılsın. Biz Azərbaycanın işğal olunmuş torpaqlarının heç bir halda Ermənistanda qalmasına imkan verməyəcəyimizi bir parlament olaraq bir daha ortalığa qoymalıyıq.
Biz buradan ölkə Prezidentinə çağırışlar etməliyik ki, danışıqlar kəsilsin və müharibəyə başlanılsın. Bu kiminsə xoşuna gələ, kiminsə də xoşuna gəlməyə bilər. Baxın, bir Ramil Səfərovun üzərində nələr baş vermədi, Minsk qrupunun həmsədrlərindən tutmuş Avropa parlamentinə qədər üzərimizə kimlər gəlmədi? Erməni diasporundan mayalanan, qidalanan Azərbaycandakı antimilli qüvvələr də həmçinin. Çox yaxşı oldu ki, bunlar bir neçə nəfərdən ibarət idi. Ona görə də  hörmətli Ziyafət müəllim, təklif edirəm, bu məsələ payız sessiyasının gündəliyinə salınsın,  müzakirə edilsin və biz mövqeyimizi ciddi şəkildə ortalığa qoyaq. Düşünürəm ki, bu bizim borcumuz, vəzifəmizdir. Buna görə hər hansı bir dövlətin, beynəlxalq qurumun Azərbaycan parlamentini ittiham etməyə heç bir əsası olmayacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.  Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Ziyafət müəllim, çox hörmətli Milli Məclisimizin yarım boş salonu. Adam sözünü millət vəkillərinə demək istəyir, amma boş sıraları görəndə bir az... Başa düşürəm, birinci gündür, hamı bir-birini görmək üçün darıxıb, amma çox ciddi məsələlər müzakirə olunanda salonu boş görmək o qədər də xoş deyil.
Mən iki məsələyə münasibət bildirmək istəyirəm. Təəssüf ki, cari məsələlərdə vaxt çatmadı, amma  elə  gündəliyə də aiddir. Gündəliyi  mən də qəbul edirəm və onu təsdiq edəcəyik. Amma iki məsələ çox mühümdür. Birincisi, çox yaxşı oldu ki, biz bir komissiya yaratdıq. O komissiya indi müəyyən ünvanlara məktub göndərəcək. Biz həmişə qaçanı qovuruq, amma çox ciddi məsələləri gözdən qaçırırıq. O ciddi məsələlərdən biri budur ki,  bu gün Rusiya Ermənistan ərazisində olan hərbi bazalarından 10-nu Ermənistana verir. Faktiki dünyanın gözünün qabağında balans pozulur və Ermənistana iki ildən bir 1 milyard manatlıq silah bağışlayır. Üstəlik də indi hərbi bazalarını ermənilərin  ixtiyarına verir və orada işləyənlər də ermənilər olacaq. Təbii ki, son hərbi təlimlərin  Azərbaycan ərazisində keçirilməsi onu göstərir ki, o silahlar təkcə Ermənistanda qalmayacaq, həm də Azərbaycan ərazisində yerləşdiriləcək. Ona görə hesab edirəm ki, Milli Məclisin ilk işlərindən biri həmin komissiyanın vasitəsi ilə BMT-yə və Rusiyaya Ermənistanın bu şəkildə,  həyasızcasına silahlandırılmasına etiraz olmalıdır. Biz belə bir məktub hazırlamalıyıq. Bu nə qədər davam edəcək? Rusiya bununla nə demək istəyir? Azərbaycanı niyə hədələyir? Azərbaycan müstəqil bir dövlətdir. ASALA ilə yanaşı, Rusiya da Azərbaycanı hədələyir. Buna qarşı biz indidən öz səsimizi ucaltmalıyıq.
İkinci bir məsələ. Deyəsən, həmkarım Siyavuş Novruzov burada yoxdur. Bu gün bizim bölgədə çox ciddi proseslər gedir. Bilirsiniz, Suriyada nələr baş verir. Bu “ərəb baharı” getdikcə coğrafiyasını genişləndirməkdədir və Suriyada atılan topların səsi Azərbaycan sərhədlərinə qədər gəlib çatır. Belə bir vəziyyətdə, şübhəsiz, dünya dövlətlərinin İranla bağlı müəyyən planları var. İranda da əhalinin 100-də 52-ci, yəni 35 milyonu azərbaycanlı olduğuna görə biz bu məsələlərə biganə qala bilmərik. Dövlət olaraq böyüyük, kiçiyik, bunun dəxli yoxdur. Hər halda orada 35 milyon Azərbaycan türkü yaşayır, onlar bizim qardaşlarımızdır. Keçən əsrdə 4 dəfə inqilab ediblər, dövlət qurublar. Sonra dövlətləri xarici siyasətin qurbanı olub, dünyanın böyük güclərinin  xəyanəti ilə yıxılıb.
Bu gün Azərbaycanın taleyində qəribə bir dövr başlayır. Belə bir dövrdə Azərbaycanın dövlət və millət olaraq öz iradəsini ortaya qoyması son dərəcə zəruridir. Bu gün Amerika konqresmeni bir söz deyir, Rusiya,  Avropa mətbuatı yazır. Nəhayət, Güney Azərbaycan məsələsi də beynəlxalq müzakirə mövzusuna çevrilir fikrini dəstəkləmək, heç olmasa, içimizdə sevinmək əvəzinə durub Azərbaycandan buna etiraz eləmək son dərəcə böyük günahdır.  Siyavuş  hörmət etdiyim bir dostumuzdur, amma onun bu Milli Məclisdə o fikirləri səsləndirməsi məni təəccübləndirir və buna yol vermək olmaz. Həmin konqresmen özü müsahibəsində deyib, məni heyrətləndirən budur ki, mən Azərbaycanın məsələsini müzakirə edirəm, amma azərbaycanlılar mənə etiraz edirlər. Bilirsiniz, bu bir millət üçün başıaşağılıqdır. Bu, millətə hörmət gətirməyən bir şeydir, milli ləyaqət hissinin aşağı olmasıdır. Ona görə  xarici mətbuata baxmaq lazımdır.  Burada bizə qarşı düşmənçilik, yaxud bizimlə İranın arasını vurmaq məsələsi yoxdur. İran hədəfdədir. İran atom silahı əldə etmək istəyir. O silah birbaşa bizə qarşı yönələcək. O silahı narkotika ilə bizə qarşı yönəldib. Din adına bizə qarşı yönəldib. Bu millət çox ciddi bir təzyiq altındadır. Bizim millətimizin varlığı  əldən gedir. Belə olan halda İrana jest eləmək ki, aramız pozulmasın, bu, düzgün deyil. İran mənim düşmənimə qaz,  su, elektrik enerjisi verir. Dağlıq Qarabağ  İranın köməyi ilə çıraqban olub və ora hər cür yardım edir. Bəlkə silah da verir. Belə olan halda biz durub İranın başını sığallayaq? O bizim başımızı sığallamır,  bacardığı qədər Azərbaycanın milli maraqlarının əleyhinə işləyir.
Mən hesab edirəm ki, bizim siyasətimiz düzgün qurulmalıdır. Mən  dövlətimizin İranla münasibəti pozmasını, yaxud diplomatik səviyyədə nə isə bir addım atmasını istəmirəm. Bu, ayrı məsələdir. Amma vətəndaşlardan, qeyri-hökumət təşkilatlarından o konqresmenə yüzlərcə məktub getməlidir ki, çox sağ olun, siz bizi yada salmısınız, dərdlərimizi dilə gətirmisiniz. Mən iki-üç dəfə BMT-də və konqresdə görüşmüşəm. Bununla bağlı sənədlər təqdim etmişik. Mənə elə gəlir ki, bu sənədlərin də  müəyyən mənada təsiri olub.
Nəhayət, son olaraq onu deyim ki, bizim Prezident Parisdə olanda ermənilər bizim səfirliyin qabağında piket keçirdilər. Biz də getdik və Ermənistan səfirliyinin qarşısında ondan da güclü bir piket keçirdik və Ramil Səfərov kartının bu cür oynanılmasına etirazımızı bildirdik. Güman edirəm, hər halda bu gün Ermənistanın silahlanması məsələsinə etiraz bu məsələni bir də səsləndirməkdən daha  vacibdir.
Burada məndən əvvəl də deyildi. Gündəliyin müzakirəsində bunu yenə də demək lazımdır. Bakıda bir dənə soyqırımı muzeyi yoxdur. Biz nədənsə həmişə gec qalırıq, bizim başımıza bu oyunlar açılıb. Köhnə “Dostluq” restoranının yanında nə isə tikirlər. Yəqin, ikinci bir restoran tikəcəklər. Xalq buna yol versə, gərək başında papaq gəzdirməsin. Bilmirəm, nə tikirlər. Amma mən hesab edirəm ki, Şəhidlər Xiyabanının yanında nə tikilirsə, o, hökmən soyqırımı muzeyi olmalıdır.
İkinci, Nizaminin 870 illiyini keçiririk. Nizami muzeyi şəhərin ən gözəl yerindədir. İndi orada heykəlin yanında qaraj tikirlər. “Azərnəşr” kimi möhtəşəm bir tarixi abidənin yanında qaraj tikirlər. Bu, təsəvvürə gəlməyən dərəcədə  şəhərə hörmətsizlikdir. Mən hesab edirəm, böyük şəhər olaraq Bakının gələcəyi ilə bağlı bir qanunun hazırlanması bizim borcumuzdur və bunu  etməliyik.
 Xocavəndin işğalı ilə bağlı Qarabağa doğru yürüş var idi. Mən hesab edirəm ki, hər rayonun yox, hər bir kəndin işğalı ilə bağlı ildə 10–15 dəfə bu millət sərhədboyu düzülüb deməlidir ki, mən yurduma qayıtmaq istəyirəm. Dünya görməlidir ki, biz ora can atırıq. Abxaziya ilə Gürcüstan vuruşur, amma aparıb ölüsünü öz qəbiristanlığında dəfn edə bilirlər. Sərhədin 100 metrliyində qəbiristanlıqlarımız var. Heç kim gəlib getmir, ordu da yoxdur. Amma bizim əlimiz ora çatmır. Ona görə ki, bizim ora cəhdimizi dünya görmür. Dünya hər gün o cəhdi görməlidir və bilməlidir ki, biz öz torpaqlarımıza qayıtmaq istəyirik. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Sabir müəllim, iki məsələyə  münasibətimi bildirmək istəyirəm. Rusiyanın hərbi bazalarının Ermənistana verilməsi bizi də çox narahat edir. Mən şəxsən özüm bu məsələ ilə maraqlanmışam. Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi də  araşdırma aparırlar. Sözsüz ki, araşdırmadan sonra biz münasibətimizi bildirəcəyik.
Amerika konqresmeninin İranla və Azərbaycanla bağlı fikirlərinə gəldikdə, Sabir müəllim, inciməyin, mən bu məsələdə Siyavuş müəllimlə 100 faiz həmrəyəm. Siz bir şeyi yaddan çıxarmayın ki, bu məsələnin Amerika Konqresinə çıxarılması, nə bilim, Ağ evə göndərilməsi Azərbaycanı istəməkdən, Azərbaycana olan səmimiyyətdən irəli gəlmir.
Çox yaxşı olardı, həmin konqresmen məsələ qaldıra idi ki, ay Amerika Birləşmiş Ştatları, Minsk qrupunun həmsədri, ay prezident, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, onun 20 faiz torpağı işğal olunub, xahiş edirik, bu məsələdə Ermənistana təzyiq edin. Mən onda hiss edərdim ki, bəli, bu konqresmen bizə, doğrudan da, səmimi dostluq münasibəti göstərib. Biz bir problemdən qurtarmamışıq, İranla problem yaradırsınız. Bu nə deməkdir?
Mənim bir milyon qaçqınım var, 20 faiz torpağım işğal altındadır. Siz də başlamısınız ki, Cənubi Azərbaycan belə gəldi,  elə getdi. İranla bizim çox mehriban dostluq münasibətlərimiz var. Kimsə öz planını həyata keçirmək üçün Azərbaycandan və azərbaycanlılardan istifadə etmək istəyirsə, biz buna yol verməyəcəyik. Kimin nə problemi varsa, getsin, özü həll etsin, bizi bu oyuna qatmasın. Bu məsələdə hissiyyata qapılmaq lazım deyil. Bir az bunu analiz, götür-qoy etmək lazımdır. Mən başa düşürəm, əlbəttə, bu sözlər deyiləndə istər-istəməz milli hisslər oyanır. Amma insan soyuq başla oturub fikirləşməlidir ki, niyə bu məsələni indi   qaldırırlar? Bu məsələnin qaldırılması Azərbaycana nə verəcək? İran  Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, biz də İranın ərazi bütövlüyünü tanıyırıq, yaxşı münasibətlərimiz var. Bax nəyə lazımdır ki, aramızda olan bu münasibətləri bir də soyudaq. Buna ehtiyac yoxdur. Azərbaycanın heç bir ölkənin, heç Ermənistanın da ərazisində gözü yoxdur. Ermənistanın indi mövcud olduğu torpaqlar qədim Azərbaycan torpaqları olsa da, bizim onların ərazisində gözümüz və ərazi iddiamız yoxdur. Biz öz Qarabağımızı istəyirik. Amerika Birləşmiş Ştatlarının Cənubi Azərbaycan məsələsini qaldıran o konqresmenləri də Dağlıq Qarabağın  əzəli Azərbaycan torpaqları olduğunu bildikləri halda susurlar. Niyə bu məsələni qaldırmırlar? Bax mən onlardan bunu gözləyirdim. Deməli, burada məqsəd heç də bizim istədiyimiz kimi deyil. Burada məqsəd başqadır, biz də onu bilirik, düşünürük, dərk edirik. Ona görə bizə belə şeylər lazım deyil. Təşəkkür edirəm. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, mən Milli Məclisin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı ilə bağlı fikir bildirərkən ilk növbədə çox istərdim ki, bir məsələni qeyd edəm. Qarşıdan 2013-cü ilin Prezident seçkiləri gəlir. Payız sessiyasında Seçki Məcəlləsinə baxılsın ki, Azərbaycan cəmiyyətinin görmək istədiyi əlavə və dəyişikliklər orada öz əksini tapsın. Tərəflərin hüquqlarını tanıyan, maraqlarını ifadə edən formada qanunçuluğu qoruyaraq 2013-cü ilin Prezident seçkilərinə yeni bir Seçki Məcəlləsi ilə gedək. Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının formalaşdırılması elə prinsiplərlə həyata keçirilsin ki, onlara etimad məsələsi cəmiyyətdə dartışılmasın, kim isə onu şübhə altına almasın.
Yeri gəlmişkən, qeyd edim ki, Ümid Partiyası olaraq biz mərkəzi, dairə və məntəqə seçki komissiyalarında ədalətsizcəsinə təmsil olunuruq. Çünki Mərkəzi Seçki Komissiyasında və yaxud da dairədə təmsil olunmağımıza baxmayaraq, əksər dairə komissiyaları bizim nümayəndələrin məntəqələrdə təmsil olunmasına imkan verməyiblər. Hətta bəzən saxta olaraq poçtlardan məktub alıblar ki, məktub göndərmişik, sizə çatmayıb və ona görə siz gələnə qədər  formalaşdırmışıq. Yəni biz bu cür çox yanaşma ilə 2013-cü ilin Prezident seçkilərinə getməməliyik.
İkinci təklif edəcəyim məsələ “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun yenidən müzakirəyə çıxarılması və səlahiyyətli dövlət qurumlarına, xüsusən icra strukturlarına üzərlərinə düşən vəzifənin yerinə yetirilməsini Milli Məclis olaraq tələb etməkdir. Bu günlərdə mən partiya sədri olaraq rayon icra hakimiyyətlərinə müraciət etmişəm. Kürdəmir rayonu istisna olmaqla rayonların ərazisində kütləvi, açıq və qapalı tədbirlərin keçirilməsi üçün ayrılan yerlərin heç birinə münasibət bildirməyiblər. Çox istərdim ki, 2013-cü il Prezident seçkiləri öncəsi bu məsələ də öz həllini  tapsın və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə Azərbaycanın bütün rayonlarında ciddi riayət olunsun. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəndə yalnız bir ünvanı göstərir. Elə bil, Bakı şəhərinin ərazisində Səbail rayonundan başqa yer yoxdur.
Qarabağla, Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı regionda gedən proseslərdən çox danışılır. Mən hesab edirəm ki, Milli Məclis, nəhayət, Ermənistan–Azərbaycan münaqişəsinin bugünkü durumu, beynəlxalq aləmdəki vəziyyət, Azərbaycana edilən təkliflərlə bağlı  müzakirə açmalıdır və qəti şəkildə mövqeyini ifadə etməlidir. Bu gün dünyada dəyərlər də, dəngələr də, proseslər də dəyişib. Çox təəssüflər olsun ki, biz məsələlərə 1988–1990-cı illərin emosiyası ilə yanaşırıq.
Emosiya demişkən, Ziyafət müəllim, Siz də emosiya ilə ittiham etdiniz ki, biz İranla dost ölkəyik və onun daxili məsələlərinə müdaxilə etməməliyik. Biz İranla dost deyilik, bunu Siz də bilirsiniz, mən də bilirəm, Azərbaycan dövləti də. 1988-ci ildə, Ermənistan–Azərbaycan münaqişəsinə qədər olan dövrdə Ermənistanla Azərbaycanın münasibəti Sizin dediyiniz dostluqdan daha yuxarı idi.
İkinci, konqresmen İranın parçalanması, Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşməsindən daha çox 35 milyon insanın milli haqlarının pozulması məsələsini qaldırıb. Bəli, 35 milyon insanın milli haqları pozulur. Demokratiyada insan haqlarının vəziyyəti heç bir ölkənin daxili işi deyil. Heç bir ölkənin daxili işi olmadığına, Azərbaycanda xaricdə yaşayan həmvətənlərlə iş üzrə dövlət komitəsi olduğuna və həmçinin xaricdə yaşayan həmvətənlərə yönəlik qanun qəbul edildiyinə görə orada yaşayan vətəndaşlarımızın hamısının hüquqlarını qorumaq bizim borcumuzdur.
Xocalı ilə, Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı Avropa ölkələrinə səfər edirsiniz. Təşkil olunan bütün aksiyaların mərkəzində duran, onun lokomotivini təşkil edən Güney Azərbaycandan mühacirətə getmiş azərbaycanlılardır. Necə olur, onlar orada Dağlıq Qarabağ məsələsini müdafiə edə bilirlər, amma biz burada o insanların haqlarının müdafiəsini təmin edə bilmirik? Bəli, ola bilsin ki, dövlət səviyyəsində fərqli siyasət yürüdülməlidir, amma Sizin ictimai təşkilatlara, siyasi partiyalara müraciətiniz ki, Azərbaycanı sevənlər bu şəkildə münasibət bildirməməlidir, bu çox yanlışdır.
Hesab edirəm ki, Azərbaycan bu gün dünyada baş verən proseslər fonunda gəlirini-çıxarını düzgün hesablamalı, harada, kimin yanında yer aldığını düzgün müəyyənləşdirməlidir. Həmişə bu proseslərdə gecikmişik, bu qorxaqlığımızın ucbatından bir də görmüşük ki, lələ köçüb, yurdu boş qalıb. Hər kəs yerini və mövqeyini müəyyənləşdirib, biz ortada qalmışıq,  proseslərə də müdaxilə edə bilmirik. Eyni prosesin əziyyətini Türkiyə bu gün çəkir. İraq məsələsini deyirəm. Kərkük türkmənləri prosesin tərəfi ola bilmədilər. Amma kürdlər tərəf oldular. Bu gün kürdlər İraq dövlətinin çox az bir hissəsini təşkil etsələr də, ölkəyə prezident kimi rəhbərlik edirlər və hakimiyyətin bölüşdürülməsində tərəfdirlər. Bəli, İranın bölüşdürülməsi və yaxud da parçalanması, federasiyalaşması və yaxud konfederasiyalaşması gündəmdə olmayan məsələ ola bilər. Amma sabah onun idarə edilməsində 35 milyon Azərbaycan türkü varsa, onlar, nəhayət, iki tərəf olmalıdır. Heç kim unutmamalıdır ki, 1945–1946-cı illərdə mövcud olan Güney Azərbaycan Cümhuriyyəti dünyanın bir sıra ölkələri tərəfindən tanınmışdı və sadəcə olaraq, soyuq müharibənin, ideoloji savaşların meydanı olaraq həmin ərazidə tərəflərin razılaşması ilə bu dövlət sıradan çıxarıldı. Hesab edirəm, bu məsələyə ən emosional və qorxaq münasibəti, əslində, Siz  ifadə etdiniz. Soyuq başla mühakimə fərqli münasibəti tələb edirdi. Çox sağ olun.
Sədrlik edən. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də payız sessiyasının  qanunvericilik işləri planını təqdir edirəm, hesab edirəm ki, bura çox zəruri, aktual, gərəkli məsələlər salınıbdır. Mən iş planının təsdiq olunmasına səs verəcəyəm.
Eyni zamanda, bildirmək istəyirəm ki, cənab Prezidentin sərəncamı ilə Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi il ərzində çox təntənəli surətdə qeyd olundu və son zirvə tədbiri dünən Gəncə şəhərində keçirildi. Dünyanın 20-dən çox ölkəsindən 1520 qonağın qatıldığı bu tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdilər. Qonaqlar Nizaminin irsinin öyrənilməsi, bütövlükdə Azərbaycan mədəniyyəti, Azərbaycan xalqı, o cümlədən Gəncə şəhərində son illərdə gedən böyük quruculuq, abadlıq işləri ilə tanış oldular.
Bunu da söyləyim ki, Gəncə Şəhər İcra Hakimiyyəti Heydər Əliyev Fondunun yaxından dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə bu il ərzində dünyanın Drezden, London, Vyana, Metropolitan, İskəndəriyyə kimi çox məşhur kitabxanalarından Nizaminin XII–XIV əsrlərdə çap olunmuş və hələ  Azərbaycanda olmayan külliyyatının nüsxələrini  və Nizami dövrü və Nizamidən sonra Nizaminin təsirindən bəhrələnərək ona nəzirə yazan bütün şairlərin əsərləri olmaqla 1 milyon 200 min səhifədən ibarət çox ciddi materialı Gəncəyə gətirilmişdir.
Gəncə şəhərinin mərkəzində böyük bir Nizami Gəncəvi mərkəzinin təməli qoyuldu və yaxın bir ildə o mərkəz də fəaliyyətə başlayacaqdır. Mən gəncəlilərin xahişi ilə cənab Prezidentə bu görülən işlərə görə Gəncə əhalisinin minnətdarlığını çatdırıram. Eyni zamanda, təklif edirəm ki, bu gətirilən 1 milyon 200 min səhifəlik materialın tərcüməsi, nəşri və nizamişünas kadrların hazırlanması üçün biz Nazirlər Kabinetinə müraciət edək ki, ya xüsusi maddə ilə hər il Nizami Gəncəvi irsinin öyrənilməsinə  xüsusi qrafa ilə maliyyə vəsaiti ayrılsın, ya da bir proqram qəbul olunsun. Çünki Nizami Gəncəvi bizim dünyada tanınmamız, inkişafımız və dünyanın Azərbaycana cəlb olunması üçün çox böyük bir mənbədir, çox böyük bir dahidir.
İkinci təklifim “Müavinətlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlıdır. Bilirsiniz ki, 2005-ci ildə pensiya islahatları aparıldı. Bu islahatların əsas məğzi olaraq pensiyalar və əmək müavinətləri bir-birindən ayrıldı. “Əmək müavinətləri haqqında” və “Pensiyalar haqqında” ayrı-ayrı qanunlar qəbul olundu. Bu qanuna görə pensiya yaşına çatan, lakin 12 il stajı olmayan şəxslərə əmək pensiyası yox, yalnız müavinət verilir. Təəssüflər olsun, bu gün müavinətin məbləği 50 manatdan artıq deyil və 300 mindən çox vətəndaşımız pensiya yaşı çatdığı halda yalnız 50 manat alır ki, bu da kasıblıq həddindən xeyli aşağı bir məbləğdir. Mən təklif edirəm ki, “Müavinətlər haqqında” Qanuna əlavə və dəyişikliklər edək, müavinətlərin minimum məbləğini yaşayış məbləğinə uyğunlaşdıraq. Biz bununla cənab Prezidentin elan etdiyi sosial dövlət qurulması strategiyasına və Azərbaycanda yoxsulluğun aşağı salınmasına  öz töhfəmizi vermiş olacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən hər şeydən əvvəl Milli Məclisin payız sessiyasının işə başlaması ilə əlaqədar olaraq söylənilən təbriklərə və xoşməramlı sözlərə qoşuluram. İş planı ilə razıyam, ancaq onun daha da yaxşı olması üçün müəyyən təkliflərim var. Birincisi, tətil vaxtı mən Qazaxın Çaylı, Xanlıqlar, Ağköynək, Ağstafanın Vurğun və Köçəsgər, Tovuzun Aşağı Mülkülü, Hacallı kəndlərində və Sement zavodu qəsəbəsində seçicilərlə görüşlər keçirdim. Habelə sentyabrın 3-də Tovuzda, Ağstafada, 11-də Qazaxda müəllimlərin ənənəvi müşavirəsində iştirak etdim. Bu sadaladığım yerlərdə birmənalı şəkildə tələb edirlər ki, dövlət universitetlərində pullu təhsil ləğv olunsun. Ödənişli təhsilə qəbul olunanlar pulları olmadığına görə oxuya bilməyiblər. Onların biri ilə əlaqədar mən hörmətli Şəmsəddin müəllimə zəng etdim. Çox sağ olsun, onun valideynini qəbul elədi və onu bir il müddətinə təhsil haqqından azad elədi. Ancaq bir ildən sonra o problem yenə qalxacaq. Biz qabiliyyətli tələbələrimizin qarşısını niyə almalıyıq? Niyə dövlət universitetlərində pullu təhsil olmalıdır? Nəzərə alın ki, qardaş ölkə Türkiyədə bu, tamamilə ləğv olunubdur. Mən ona görə Qüdrət müəllimin və Vahid müəllimin fikirlərinə qoşuluram, bu məsələ həll olunmalıdır. Təhsil kreditləri haqqında və Ali təhsil haqqında qanun layihələri müzakirə olunmalıdır. Talantlı insanların qarşısını almamalıyıq.
Gündəliyə aid olmasa da, 2-ci bir məsələni burada qeyd etmək istəyirəm. Xəzər dənizinin ətrafında çoxlu sayda çimərliklər var. Bu çimərliklərə 2 manatdan 20 manata qədər haqq qoyublar. Xəzər dənizi heç kimin mülkiyyətində deyil. Göstərilən xidmətə görə pul alarlar. Əgər  alaçıq düzəldirlərsə, çay, yemək verirlərsə, bu, başqa məsələ. Xəzər dənizinə girməyə görə niyə 20 manat pul verilməlidir? Bunu kim icad eləyib? Xəzər dənizini kim özəlləşdirib belə? Hesab edirəm, aidiyyəti orqanlar bununla maraqlanmalı və məsələ öz həllini tapmalıdır.
Nəhayət, həmişə burada qaldırdığımız bir məsələ var. Niyə deputatların qanunvericilik təşəbbüsü hüququ etiraf olunmur, planda nəzərdə tutulmur? Bunu əvvəllər mən, sonra da başqa deputatlar qaldırdılar. Hörmətli Siyavuş müəllim bu məsələni qaldıranda elə hesab elədim ki, yəqin, bu, həll olunacaqdır. Yenə nəzərdə tutulmayıb. Mən xahiş edərdim ki, deputatların da konstitusion hüququ etiraf olunsun və planda nəzərdə tutulsun. Yaxud da bizə izahat verilsin ki, bu niyə nəzərdə tutulmur. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də payız sessiyasının qanunvericilik işləri planını bəyənirəm. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Elm siyasəti haqqında qanun layihəsi düzəlişsiz variantda ortalığa çıxarılıb. Mən hesab edirəm ki, Ali təhsil və Təhsil kreditləri haqqında qanun layihələri burada öz əksini tapsaydı, daha yaxşı olardı. Bütövlükdə  iş planını qəbul edirəm.
Ziyafət müəllim, bir neçə ay öncə çıxışlarımın birində bu gün Azərbaycan Respublikasının alternativ enerji haqqında qanuna ehtiyacı olduğunu qeyd etmişdim. Bu gün də həmin fikirdə qalıram. Bilirsiniz ki, 2004-cü ildə cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bundan sonra da agentlik yarandı. Sonra o agentlik dövlət komitəsinə çevrildi və çoxlu işlər gördü. Bizim, əlbəttə, neftimiz var. Bu gün ənənəvi enerji mənbələri, ola bilsin, qeyri-ənənəvi enerji mənbələrindən ucuz başa gəlir. Bilirsiniz ki, neft tükənən enerji daşıyıcısıdır. Bütün dünyada müəyyən ekoloji katastrofların, kataklizmlərin qarşısının alınması üçün ətraf mühitə karbon qazının emissiyasını azaltmaq istiqamətində işlər aparılır. Çünki bunlar son nəticədə qlobal istiləşməyə və yaxud iqlim dəyişikliyinə gətirib çıxardı. Bu da bəşəriyyət üçün böyük təhlükədir. Müasir energetika sistemi 4 variantla istiqamətlənir. Birincisi, ənənəvi enerji mənbələri, ikincisi, atom elektrik stansiyaları, üçüncüsü, nüvə enerjisi, dördüncüsü, alternativ enerji mənbələridir. Hesab edirəm, gələcəkdə məhz bu enerji növünün üzərində qurulacaqdır. 
Ramil Səfərovla bağlı mən Oqtay müəllimə nəinki öz adımdan, bütün cəbrayıllılar – azərbaycanlılar adından minnətdarlığımı bildirirəm ki,  bu məsələnin Avropada geniş müzakirə edilməsinin qarşısını almaq üçün komissiya yaradıldı.  Amma Avropa dövlətləri bilməlidirlər ki, hələ 1921-ci ildə Berlinin küçələrinin birində Teyliryan adlı bir erməni terrorçusunun Tələt paşanı öldürdüyü səhnə tarixdən bizə məlumdur. 1923-cü ildə Berlin məhkəməsi həmin Teyliryanı o anda anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad etdi. İndi burada deyirlər ki, yatan zabiti öldürdü. Həmin məsələyə mən cinayət deməzdim. 14 yaşında artıq onun doğma yurdu işğal olunmuşdu. Bütün hadisələr onun gözü önündə baş vermişdir. Ona görə də Macarıstanda həmin  2 erməni zabitinin təhqirlərinə dözməyərək belə bir vəziyyətdə bu hadisəni törətmişdir. Mən bütün cəbrayıllılar  adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Cəbrayıl ağsaqqalları, ziyalıları cənab Prezidentə minnətdarlıq teleqramı göndəriblər. Mən də özümü onların sırasında hiss edirəm və bir daha təşəkkür edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Doğrudan da, payız sessiyasının qanunvericilik işləri planında bütün məsələlər nəzərdə tutulubdur. Özümün bir neçə qeydim var. Praktikadan irəli gələn məsələlər var. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin olunmasını, o cümlədən digər bir sıra məsələləri bura daxil etsək, daha məqsədəuyğun olardı.
Ziyafət müəllim, Sizə təşəkkür edirəm ki, İran məsələsinə,  doğrudan da, əhatəli şəkildə öz münasibətinizi bildirdiniz. Azərbaycan dövlətinin siyasəti bəllidir. Azərbaycan dövləti bütün dövlətlərlə bərabər qarşılıqlı münasibətlərin qurulmasının tərəfdarıdır. Bu gün Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, heç bir tərəfə qoşulmadan özünün müstəqil siyasətini həyata keçirir.
Cənubi Azərbaycanla bağlı Azərbaycan dövlətinin mövqeyi bəllidir. Elə mən elementar bir məsələni göstərə bilərəm. İki azərbaycanlı şairin oradan gətirilməsi prosesində Azərbaycan dövlət başçısının hansı addımlar atdığı, hansı işlər gördüyü hamıya məlumdur. İran tərəfi bunun əvəzində kimlərinsə buraxılması və sair məsələni qoysa da, Azərbaycan dövləti buna getmədi. Azərbaycan dövləti hər bir məsələyə münasibətini bildirir. Biz bu mövqeyi ortaya qoyanda qeyd etmək istəyirik ki, Azərbaycan bu gün hər hansı bir dövlətin poliqonuna çevrilməməlidir. Bu gün Azərbaycan bir milyon qaçqının taleyi ilə bağlı addımlar atır. Sabah başqa bir milyon gələndə burada tərif deyənlər evlərini onlara verəcəklərmi? Bu, dövlətin boynunda qalacaq, onun problemi olacaq. Biz yalnız bugünkü günü deyil, bundan  20–50 il sonranı da görürük.
20 ildir, Ermənistanla Azərbaycan arasında mübarizə gedir. İndi burada çox pəh-pəhlə deyirik ki, 35 milyon soydaşımız var, Parisdə mitinq keçirir, nə bilim, filan yerdə nümayiş keçirir. Niyə bir gün bu 35 milyon Ermənistan–İran sərhədini bağlamır? Niyə ora gedən yük maşınlarının qarşısını almır? Bu, birbaşa Azərbaycanla düşmənçilik edən bir dövlətə İran tərəfindən edilən yardımlardır. Yəni hər bir məsələni deyəndə götür-qoy eləməliyik və onu dəqiqliyi ilə həll eləməliyik.
İraqla bağlı fikir söylənildi. İraqla bağlı məsələ Amerikanın planıdır. Böyük dövlətin planıdırsa, o, həyata keçəcəkdir. Türkiyənin hansı addımı atmasından asılı olmayaraq, o öz məsələsini həll edəcək. Orada sünnilər də, şiələr də bir tərəfdə qaldı, ən azlıqda olan kürdlərin nümayəndəsini  prezident elədi. O birilərdən də birini baş nazir, digərini parlament sədri qoydu. Guya Türkiyə ora girsəydi, Kərkükdə yaşayanları aparıb dövlət başına qoyacaqdılar? Qəti şəkildə yox. Bunun hamısı göz qabağında olan işlərdir. Yəni bunu sıravi qaydada  müzakirə eləmək lazım deyil. Bu, böyük siyasətdir və biz bunu yaxşı başa düşürük. Bu addımlar da atılır və bundan sonra da  atılacaqdır.
Bir məsələyə də toxunmaq istəyirəm, hörmətli Əli müəllim bu barədə danışdı. Bu, dünya parlamentlərinin çoxunda var, qəbul olunubdur. Milli Məclis üzvlərinin etik davranış kodeksinə son vaxtlar çox böyük ehtiyac duyulur. Mən hesab edirəm ki, belə bir kodeks qəbul olunmalıdır.  Düzdür, Daxili Nizamnamə ilə bu məsələ tənzimlənir, amma Milli Məclisdə kənarda da bu etik davranış kodeksinə əməl olunmalı və Milli Məclisə seçilmiş hər bir nümayəndə cəmiyyətə, seçiciyə nümunə olmalıdır. Ona görə hesab edirəm ki, buna bir əşhədü ehtiyac var və biz bunu qəbul eləməliyik. Sağ olun.
Sədrlik edən.  Hörmətli deputatlar, artıq tənəffüsə 5 dəqiqə vaxt var. Xeyli adam danışıbdır. Müzakirəni davam etdirməyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hesab edirəm, hörmətli deputatlarımız tərəfindən kifayət qədər  maraqlı təkliflər verildi. İndi biz payız sessiyasının qanunvericilik işləri planını qəbul eləyirik, amma bu o demək deyil ki, başqa qanun layihələri daxil olunmayacaqdır. Xeyr, daxil olacaq. Xeyli qanun layihələri olacaq, deputatlar da qanun layihələri verə bilərlər. Ona görə, xahiş edirəm, qaldırdığınız məsələləri yazılı şəkildə müvafiq komitələrə və Milli Məclisin Aparatına təqdim edin, biz yeri gəldikcə  o məsələlərə baxarıq. Xahiş edirəm, birinci məsələyə, Azərbaycan Respublikası Milli Məclisinin 2012-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında qanun layihəsinə münasibətinizi bildirəsiniz. 

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. İclasımızı davam etdiririk. Komissiya öz işini başa çatdırıb, bəyanat hazırdır. İcazə verin, Sədaqət Vəliyeva bəyanatı təqdim etsin. Buyurun.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Sədr.
Avropa Parlamentinin 2012-ci il 13 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.
Macarıstanın Budapeşt Məhkəməsi tərəfindən məhkum edilmiş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana verilməsinə və daha sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv edilməsinə görə Azərbaycana qarşı kampaniya aparılması, o cümlədən Avropa Parlamentinin 2012-ci il sentyabrın 13-də “Ramil Səfərovun işi” adlı qətnamə qəbul etməsi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bildirməyi zəruri hesab edir.
Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı olan sırf hüquqi məsələyə siyasi rəng verilməsi cəhdlərinin davam etməsi dərin təəssüf və narahatlıq hissi doğurur. Bu cəhdlər Avropada bəzi siyasi dairələrin erməni  təbliğatının təsiri altında hərəkət etdiklərini, bir çox hallarda Azərbaycanla bağlı məsələlərdə ikili standartlardan əl çəkə bilmədiklərini göstərir.
Yaxşı məlumdur ki, Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi bu mötəbər təşkilat çərçivəsində iş birliyinin ən fəal iştirakçılarından biridir. Bu baxımdan ölkəmiz Avropa qitəsində uzun illər boyu formalaşmış cinayət işləri üzrə hüquqi yardım məsələlərində bir çox dövlətlərlə hərtərəfli əməkdaşlıq edir. Məhz bu cür əməkdaşlığın nəticəsidir ki, Ramil Səfərov 8 ildən çox müddətdə cəzasını çəkdikdən sonra Avropa Şurasının “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Konvensiyası əsasında ölkəsinə qaytarılmış və daha sonra milli qanunvericiliyə uyğun olaraq əfv edilmişdir.
Bu proseslər işğalçı Ermənistanın rəsmi dairələri, erməni diasporu və onların havadarları tərəfindən misli görünməmiş çılğınlıqla qarşılanmışdır. Azərbaycan torpaqlarını işğal edən, bu torpaqlarda etnik təmizləmə siyasəti yürüdərək on minlərcə azərbaycanlını qətlə yetirən, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salan, onların bütün mülkiyyətini talan edən bir dövlətdən başqa münasibət gözləmədiyimiz halda, Avropa Parlamentinin mövqeyini başa düşmək çətindir. Xüsusən də ona görə ki, Ramil Səfərovun Azərbaycana verilməsinin və əfv edilməsinin “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının müddəalarına uyğun gəldiyi qətnamənin müvafiq bəndlərində etiraf edilmişdir.
Digər tərəfdən, 1983-cü il iyulun 15-də Fransanın Orli hava limanında törədilmiş terror aktına görə həmin ölkənin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Varujan Karapetyanın 2001-ci ildə Ermənistan Prezidenti Robert Koçaryanın müraciətindən və ASALA erməni terror təşkilatının hədələrindən sonra vətəndaşı olmadığı Ermənistan Respublikasına verilməsi və əfv edilməsi, onun, eləcə də müxtəlif dövrlərdə Avropa ölkələrində Türkiyə səfirliklərinə, eləcə də Azərbaycan ərazisində dinc sakinlərə qarşı çoxsaylı terror aktlarında iştirak etmiş Suren Nayriyanın, Monte Melkonyanın, Akop Culfayanın, Gevorq Gözəlyanın, Vazgen Sislyanın, Samvel Babayanın və digər qatı cinayətkarların Ermənistan cəmiyyətinə qəhrəman kimi təqdim edilməsi hamıya məlum olan faktlardır. Əlbəttə, biz Azərbaycan ordusunun zabitini terrorçularla müqayisə etmək fikrində deyilik, amma həqiqəti də söyləməyə bilmərik.
Bütün bunları nəzərə aldıqda Avropa Parlamentinin adı çəkilən qətnaməsinin yalnız erməni təbliğatının təsiri altında siyasi mülahizələrə əsasən qəbul edildiyi aydın olur. Fakt budur ki, mötəbər beynəlxalq təşkilatın məsələyə birtərəfli və qeyri-obyektiv yanaşmasını ortaya qoyan qətnamə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ocağında vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaran amillərdən birinə çevrilmişdir. Bununla əlaqədar təəssüflə qeyd etmək lazımdır ki, sənəddə  Azərbaycan zabitinin əfv edilməsinin bölgədə sülh və barışıq prosesləri üçün təhlükə törətməsi, dinc təmasların gələcəkdə mümkün ola biləcək inkişafının qarşısını ala bilməsi iddia edilir.
Azərbaycan Respublikasının Milli Məclisi bir daha bəyan edir  ki, bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün ən böyük təhlükə mənbəyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin hələ də işğal altında saxlanılması, təcavüzkar dövlətin beynəlxalq hüquqa meydan oxuması və dünya birliyinin qəti ifadə edilmiş iradəsini saya salmamasından ibarətdir. Erməni tərəfinin Ramil Səfərovun verilməsinə və əfv edilməsinə  bu cür sərsəmcəsinə münasibət bildirməsi onun  həmin məsələdən öz maraqlarına uyğun olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal edilmiş digər ərazilərində mövcud vəziyyəti  qoruyub saxlamaq, danışıqlar prosesini pozmaq üçün istifadə etməyə çalışdığını bir daha sübuta yetirir.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamenti üzvlərinin nəzərinə çatdırmaq istərdi ki, Avropa məkanının ayrılmaz hissəsi olaraq Azərbaycan insan hüquqlarının və əsas azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir və qarşıya çıxan bütün problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsinə üstünlük verir. Azərbaycan tərəfi bir daha Avropa Parlamentini ölkəmizlə bağlı bütün məsələlərdə tarazlaşdırılmış, obyektiv mövqe tutmağa, erməni təbliğatına uymamağa, siyasi mülahizələrə əsaslanan birtərəfli yanaşmadan çıxış etməməyə çağırır. Bu, həm Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yüksək səviyyəsinə, həm də Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin bərqərar edilməsi mənafelərinə daha çox uyğun gələrdi. 
Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Valeh müəllim, Səfa müəllim, xahiş edirəm, diqqət yetirin. Orada bir neçə adamın adı çəkildi. Onlar Ermənistana qaytarıldı. Amma orada “ekstradisiya” sözü yoxdur. Onlar da ekstradisiya olunmuşdular və sonra Qarabağ müharibəsində iştirak edənlər var. Bəlkə “ekstradisiya” sözü ora əlavə edilsin? Aydınlıq olsun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Varujan Karapetyan aydındır, bəs sonrakı 6 nəfər?
V.Ələsgərov.  Belə yazılıb: “...iştirak etmiş Suren Nayriyanın, Monte Melkonyanın, Akop Culfayanın, Gevorq Gözəlyanın, Vazgen Sislyanın, Samvel Babayanın və digər qatil cinayətkarların Ermənistan cəmiyyətinə qəhrəman kimi təqdim edilməsi hamıya məlum faktlardır”.
Sədrlik edən. Valeh müəllim, qaytarılması və təqdim edilməsi.
Bir də, bayaq müzakirə eləyəndə dedik, yazılıb  ki, erməni təbliğatı. Bu yalnız erməni təbliğatı deyil, həm ermənilərin, həm də ermənipərəst qüvvələrin təbliğatıdır. O da orada qeyd olunsun. “Erməni və ermənipərəst qüvvələrin təbliğatı” daha düzgün olar. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elmira xanım, xahiş edirəm, oturun, mikrofonla deyin ki, eşidilsin. Buyurun.
E.Axundova. Oqtay müəllim, yadınızdadırsa, ya 1996-cı il idi, ya da 1997-ci il, Yevgeni Primakov gəlmişdi. Çox çətin danışıqlar getdi. Onda Heydər Əliyeviç çox çətin bir qərar qəbul etdi, çünki uşaqlarımız da orada azad edilmişdi. Salatın Əsgərovanı öldürən 3 ermənini biz azad elədik. Terrorist dedilər də,  bir neçə adam öldürmüşdü. Biz onları azad elədik, onları orada dərhal əfv elədilər. Azərbaycan Milli Qəhrəmanımız Salatın Əsgərovanın qatillərini sizə verdi, siz də onları dərhal azad etdiniz. Bu da maraqlı faktdır, bəlkə bunu da ora əlavə edə bilərik?
Sədrlik edən. Elmira xanım, bu faktdan xəbərimiz var. Bunun Ermənistana aidiyyəti yoxdur, onlar Ermənistana ekstradisiya olunmayıblar. Görürəm, suallar çoxdur. Buyurun, Aqil müəllim.
A.Abbas. Oqtay müəllim, söz verdiyiniz üçün təşəkkür edirəm. Bir  əlavə eləmək istəyirəm. Türk təyyarəsini partladan Monte Melkonyan da ömürlük həbs cəzası almışdı. Qarabağ hadisələri başlanan kimi o, dərhal azad olundu və Qarabağda Qaradağ və Kərkicahan qətliamlarını törətdı. Sonra bizim qəhrəman İbad Hüseynov onu zərərsizləşdirdi, məhv elədi. Yəni demək istəyirəm ki, o, dünyanın ən qatı terrorçularından biridir. Milli Təhlükəsizlik Nazirliyi bununla bağlı film də çəkib. Bu məsələni ora əlavə eləmək olardı, çünki onu dünya tanıyır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aqil müəllim, onun adı orada var. Bunların hamısı sənədlərdən götürülüb, dəqiqdir. Amma zərərsizləşdirmə barədə danışmaq lazım deyil. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, Oqtay müəllim. Amerika erməni komitəsinin sədri terrorçu Murad Topalyan Ohaya ştatında Sinaqoqu və yəhudi mərkəzini partladıb, buna görə də cəzalandırılıb. Lakin cəmi iki il cəza çəkib və sonra da Kaliforniyada ermənilərin milli qəhrəmanı kimi qəbul olunub. Mənə elə gəlir ki, bu faktı da ora salmaq olar. Bu, Nyu-Yorkdakı hadisələrdən bir il qabaq baş verdiyinə görə Amerikada bu məsələyə çox da diqqət verməyiblər. 40 nəfəri qətlə yetirmiş terrorçu cəmi iki il cəza çəkib. Mənə elə gəlir ki, bu misal həm Obamanın bəyanatına cavab olmalı, həm də Avropa Parlamentinin qəbul elədiyi sənəddə öz əksini tapmalıdır. Sağ olun.
Sədrlik edən. Oldu. Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun, cənab Sədr. Mən sənədin mətni ilə razıyam, ancaq bir məsələni qeyd eləmək istəyirəm. Biz ora xırda-para terrorçuların adını salmışıq. Bunlar 15–20 nəfəri qətlə yetiriblər. Ən böyük terrorçular –  ilk dəfə Robert Koçaryan, onun dalınca da indiki prezident   Serj Sarkisyan Avropa Şurasının, xristian klubunun tribunasından bəyan elədilər ki, bəli, biz Xocalı soyqırımında səhra komandiri kimi iştirak eləmişik. Azərbaycan bir nəfər erməni dığasını öldürən Ramil Səfərova bəraət verib, onu əfv eləyib, ancaq minlərcə dinc sakinin qətlinə fərman verən, qətliama rəhbərlik edən Koçaryan, Sarkisyan, Ohanyan, Balayan, – hələ dördünü deyirəm, qalanlarını demirəm, – prezident mükafatı alıblar. Bəs Avropa Şurası bu məsələyə niyə baxmır? Mən hesab edirəm ki, biz bu sənədə Koçaryanın, Sarkisyanın adlarını salmalıyıq. Onlar özləri deyiblər ki, bəli, biz bu qərtliamda, soyqırımda döyüşçü kimi iştirak etmişik. Çox sağ olun.
Sədrlik edən. Elman müəllim, bu başqa bəyanatdır. Siz deyən məsələlər dəfələrlə deyilib. 5–10 gün qabaq mən 41 spikerin yanında Sarkisyan haqqında elə o tribunada fikrimi dedim. Ancaq bu bəyanatın ruhu başqadır. Onların cinayətkar olduğunu bilirik. İndi yalnız bir məqsəd bəyanatın əsas istiqamətidir. Deyilən məsələlərə də baxarıq, bu istiqamətdə də bəyanat göndərərik. Robert Koçaryan və Sarkisyan məlum məsələdir, ancaq bu bəyanatın predmeti deyil.
Mən xahiş edirəm ki, Valeh müəllimgil bir də dəqiqləşdirsinlər, Asim Mollazadə deyən məsələyə də baxsınlar. Əgər dəqiq adlar varsa, onları da əlavə eləsinlər və bəyanatı qəbul eləyək. Etiraz yoxdursa, bəyanata münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsinə keçirik. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında. Siyahı sizdə var, baxmısınız. Rəhbərləri də görürsünüz, hamısı bizim hörmətli həmkarlarımızdır. Etiraz yoxdursa, bu siyahını təsdiq eləyək. Mən deyim ki, qarşıda yenə belə məsələlər müzakirə olunacaq. Filippin parlamenti bizimlə münasibətlər qurmaq üçün dostluq qrupu yaradıb. Eləcə də bizim deputatların təşəbbüsü ilə Andorra ilə dostluq qrupu yaradılacaq. Bunların üzərində işləyib, gələn iclasda bir yerdə baxacağıq. Bu siyahıya etiraz yoxdursa, səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.19 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Bildiyiniz kimi, artıq bir neçə müddətdir, cənab Prezidentin fərmanına uyğun olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı həm Bakıda, həm də respublikanın digər bölgələrində müxtəlif səviyyələrdə silsilə tədbirlər həyata keçirilir. Cənab Prezident tərəfindən təklif olunan bu qanun layihəsi müstəqilliyimizin bərpasının 20 illiyinə verilən ən mühüm töhfələrdən biridir. Təklif olunur ki, Azərbaycanın orden və medalları siyahısına “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı da əlavə olunsun.
Qeyd etmək istəyirəm ki, burada təltif edilən şəxslərin təsnifatı da var. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştiraka görə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər”.
Eyni zamanda, xüsusi vurğulamaq istəyirəm ki, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı haqqında” Əsasnamə və yubiley medalının təsviri sizə təqdim olunub. Əsasnamə çox mükəmməl hazırlanıb. Azərbaycanın müstəqillik atributu – gerbin elementləri ilə 20 rəqəmi arasında çox dəqiq bir vəhdət var. Hesab edirəm ki, biz belə bir qanunu qəbul etməklə dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə  parlament tərəfindən də töhfə vermiş olacağıq.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Etibar Hüseynov.
E.Hüseynov. Hörmətli Sədr, mən bir məsələyə diqqət yetirmək istəyirəm. Hamı bilir ki, 20 yanvar hadisələrinin əsas episentrindən biri  Yasamal rayonu olub. Bu rayonda 20 yanvar şəhidlərinin ailələri daha çoxdur. Bu ailələr bir neçə dəfə mənə, o cümlədən Milli Məclisə  müraciət ediblər. Hörmətli Ziyafət müəllim həmin müraciətləri aidiyyətı üzrə baxılmaq üçün mənə göndərmişdi. Rəbiyyət xanımdan da bu məzmunda məktub daxil olmuşdu.
Məsələ bundadır ki, 1991–1992-ci illərdə 20 yanvar şəhidlərinə “Azadlıq uğrunda mübariz” fəxri adı verilibdir. Həmin vaxtlar onlara bu fəxri adla bağlı vəsiqə və medalın verilməsi də nəzərdə tutulmuşdu. O zaman bir qisim insanlara bu vəsiqə və medallar verilmişdi. Sonra müxtəlif səbəblərə görə bunların verilməsi dayandırılıbdır. Həmin şəhid ailələri   dəfələrlə müraciət ediblər ki, onlara da həm  vəsiqə, həm də medal verilsin.
Bu gün  əlimizdə olan qanun və əsasnamə layihələrində yazılıb: “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştiraka görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər”. Mən düşünürəm ki, 20 yanvar şəhidləri bizim dövlət müstəqilliyimizin qorunmasında canlarını ilk fəda etmiş insanlardırlar. Bu insanlar da həmin medalla təltif oluna bilərlər və nəticədə problem də aradan qalxar. Bu medal, verilən ad özündə heç bir güzəşt  ehtiva etmir. Həmin insanların arzularını yerinə yetirmək olar. Onların yalnız bir umacağı, istəyi var ki, belə bir vəsiqə, medal verilsin və bununla onlar təskinlik tapsınlar.
Digər bir məsələyə toxunmaq istəyirəm. Bu medalın eskizləri bizə paylanıbdır. Düzdür, ağ-qara rəngdə olsa da, kifayət qədər normal  dizaynı var. Ancaq mən qeyd etmək istəyirəm ki, nədənsə son vaxtlar bizdə hazırlanan bir sıra orden və medallar sovetlər dönəminin orden və medallarının dizaynını xatırladır. Elə bu medalın özü nə qədər gözəl hazırlansa da, uzaqdan baxanda bunun sovetlər dönəmində və ya indiki zamanda hazırlanmış medal olduğunu seçmək çətindir. Gələcəkdə bir sıra ordenlər, medallar hazırlananda nə üçün bunları Avropa, Türkiyə orden və medalları əsasında  hazırlamayaq?
Eyni məsələni milli qəhrəmanlarımıza təqdim edilən ordenlər haqqında da demək olar. Oqtay müəllim, milli qəhrəmanlarımıza verilən ordenlər 1992-ci ilin qanlı-qadalı vaxtlarında tez-tələsik tərtib olunub, hazırlanıb, paylanıb. İndiki dövrdə bunlara diqqət yetirəndə layiqli səviyyədə hazırlanmadığı nəzərə çarpır. Milli qəhrəmanlarımıza “Azərbaycan Bayrağı” ordeni, “İgidliyə görə” ordeni və digər medallar verilir. Bunlar qanlı-qadalı illərdə, büdcənin boş olduğu vaxtlarda hazırlanıbdır. Mən çox istərdim ki, həmin orden, medallara yenidən diqqət yetirilsin və imkan çərçivəsində onlar yenidən hazırlansın.
Oqtay müəllim, söz düşmüşkən, bir məsələni də qeyd etmək istəyirəm. Bizim deputatlar haqqında həmişə deyirlər ki, aləmi bəzər, özü lüt gəzər. Yaxamızda gəzdirdiyimiz deputat nişanı bizim ordenimiz, medalımız sayılır. Deputat nişanı barədə danışmaq istəyirəm. Bizdə deputatlara maşın, silah, fərli maaş verilmir, gənc və səriştəsiz deputatları xarici səfərlərə də aparmırlar. Yaxamıza taxdığımız deputat nişanı, onun  taxılma mexanizmi, dizaynı da çox bərbad gündədir. Bu dəqiqə dünyanın heç bir yerində sancaqlı nişanlar istehsal olunmur.
Paytaxtda keçirilən tədbirlərdə  partiyaların, QHT-lərin tədbirlərində elə gözəl, müasir dizaynda hazırlanmış döş nişanları paylayırlar ki, iki göz istəyir tamaşa etsin. Ancaq bizim döş nişanlarımız hələ də Nuh əyyamından qalma sancaqla bağlanır və çox problem yaradır. Bəlkə də məhz elə buna görə deputatlarımızın əksəriyyəti həmin nişanı taxmır və özləri kənarda daha yaraşıqlı, bahalı nişan sifariş edib onu taxırlar. Bununla da hər bir deputat ayaqlaşa bilmir. Bizim imkanımız olmasa da, Milli Məclisin belə bir imkanı var. Deputatlar üçün onların adlarına layiq döş nişanı sifariş edilib paylana bilər. Yəni bu nişanlar ayda, ildə bir dəfə lazım olmayır, 5 ildən bir verilir. Bir çox deputatlarımız, şükür Allaha, 3–5 dəfə də seçilirlər. Deputat nişanları qiymətli metaldan hazırlanıb paylanmalıdır.
Bunu da qeyd edim ki, deputat nişanlarının futlyarlarına baxanda adam utanır. Ən keyfiyyətsiz kağızdan, kartondan hazırlanmışdır. Bu gün dükanda, mağazada satılan  qələmin,  eynəyin, brelokun futlyarı özündən daha qiymətli, gözəl görsənir. Amma bizim deputat nişanının futlyarına baxanda adam utanır, xəcalət çəkir. Oqtay müəllim, mən düşünürəm ki,  bu məsələyə də diqqət yetiriləcəkdir. Allah xatirinə, bu döş nişanları  Milli Məclisin mülkiyyəti sayılsın və deputatlar səlahiyyətləri bitəndə vəsiqə ilə bərabər nişanı da geri qaytarsınlar. Çox istərdim ki, millət vəkillərimizin adlarına layiq döş nişanı hazırlansın. Təşəkkür edirəm.
Sədrlik edən. Sizin qaldırdığınız birinci məsələ ilə bağlı ayrıca bir medal lazım deyil. Mən Əli müəllimdən xahiş edirəm, bu məsələni araşdırsınlar. Deyirsiniz ki, belə bir medal var, araşdırıb baxarıq. O ki qaldı medalların hazırlanması söhbətinə, Təlatüm buradadır?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bizim rəngli printerlərimiz var. Niyə eskizləri deputatlara rəngli vermirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Necə? Verilib?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bizdə də rənglidir. Kiməsə qarası düşüb. İndi o deyir ki, cavan deputat olduğum üçün mənə qarasını veriblər. Cavan deputat olduğun üçün səni xaricə aparmırlar? Cavan deputatların  əksəriyyəti xaricdə artıq 4-5 dəfə olublar. Beynəlxalq təşkilatlara üzv olanlar səfərlərə gedirlər. Dostluq qrupu haraya gedirsə, onlar da oraya gedirlər. Yəni bu, kiminsə istəyi ilə deyil. Kimin hansı ölkəyə getməsi siyahı ilə, kimin hansı dostluq qrupunda olması ilə müəyyən edilir. ATƏT-in Parlament Assambleyasına, AŞPA-ya bütün Milli Məclisi üzv edə bilmərik. Burada getmək-gəlmək söhbəti bir az başqa cürdür. Nə vaxt belə imkan yaranarsa, gediləcək.
O ki qaldı medalların forması ilə bağlı məsələyə, mən heç sovet hökumətində kvadrat medal görməmişəm, varsa, bir-inin adını de. Çox gözəl şəkildədir, üçrəngli bayraq da əks olunub. Nəyi pisdir ki? Medallara aid dediniz ki, 1993-cü illərdə dizayn olunub, görünüşləri yaxşı deyil. Mənə elə gəlir ki, həmin illərdə alınan medallar ən qiymətli medallardır. Burada əsas məsələ medalın bahalığında deyil, onun dəyərində, verilməsində, mahiyyətindədir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Həmkarım sual verib, gərək cavab verim.
Milli Məclisin döş nişanları hökmən gərək qızıldan olsun? Bütün dünyada, Amerika Birləşmiş Ştatlarında döş nişanları bizimkindən bir az kiçikdir. Hər yerdə bayraq təsvir olunub. Bayraqdan başqa nə nişanə qoymaq istəyirdiniz oraya?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi sancaq bağlayıb kostyumu korlamaq istəmirlər. İynə olsun ki, rahat taxılsın. Çıxışınız var, Sabir müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Sabir Rüstəmxanlı buyursun.
S.Rüstəmxanlı.  Həmkarımın çıxışına qulaq asdım. Xüsusən deputat nişanı ilə bağlı dediklərinə münasibət bildirmək istəyirəm. 22 ildir bu deputat nişanı döşümdədir və çox böyük fəxrlə, iftixarla onu  gəzdirirəm. Heç vaxt dünyanın heç bir yerində onu döşümdən çıxarmamışam, kostyumumdadır. Heç vaxt da bundan ötrü xəcalət çəkməmişəm. Kim xəcalət çəkirsə, deməli, o, həmin nişanı daşımalı deyilmiş, bu nişan ona təsadüfən qismət olub. Azərbaycan bayrağından yüksək nə ola bilər? Onu döşümüzdə gəzdirməyə görə niyə xəcalət hiss etməliyik? Mən deputat nişanımız ilə qürur duyuram. Son dərəcə gözəldir. İstəyir qızıldan olsun, istəyir platindən. Nədən olur-olsun, mahiyyət Azərbaycan bayrağıdır və bayrağın üstündə yazılmış “Milli Məclisin deputatı” sözləridir. Bizim istəyimizi ifadə edir və bunu dəyişməyə heç bir ehtiyac yoxdur.
Yubiley medalı ilə bağlı məsələyə gəldikdə, hesab edirəm ki, normal bir medaldır. Hər şey, bütün atributlar burada öz ifadəsini tapıb. Amma, sadəcə olaraq, məni düşündürən bir məsələ var. Müstəqilliyimizin 20 illiyini keçən il qeyd etdik. Biz 2011-ci ilin yubiley medalını 2012-ci ildə qəbul edirik. Mən bunun mahiyyətini başa düşə bilmirəm. Bəlkə Prezident sərəncam verib və artıq bu məsələ reallaşıb? Ancaq əgər burada il məsələsi olmasaydı, dövlət müstəqilliyinin bərpası medalı olsaydı, onda bu medal bütün illərdə əhəmiyyətini qoruyub saxlayardı. Məni düşündürən bu məsələdir. Bilmirəm, hansı mülahizə əsasında bu medal məhz dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilib. Bəlkə “25 il” yazılsa, o zaman qarşıdakı illərdə də bu medalın verilməsinin bir mənası olardı? Bircə bu məsələni düşünmək vacibdir. Cənab Prezidentə müraciət etmək lazımdır ki, bu məsələlər dəqiqləşdirilsin. Digər məsələlər, mənə elə gəlir ki, normaldır və dizayn işi ilə bağlı  ciddi bir narazılıq yoxdur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bir neçə məsələyə toxunacağam. Sabir müəllimə də xüsusi təşəkkürümü bildirirəm ki, çıxışının birinci hissəsində Azərbaycan bayrağlı ilə bağlı çox gözəl sözlər dedi. Ən böyük fəxarət hissi ondan ibarətdir ki, Milli Məclisin üzvüsən, xalq sənə etimad göstərib, o nişan sənin sinəndədir. Onun dəyəri qızılda, brilyantda deyil. Bir milyonçu yaxasına nə vurursa-vursun, onu Milli Məclisin deputatı hesab edəcəklər? Yox. Çünki ona xalq etimad göstərməyib. Hərdən təəssüflənirəm ki, bəzi həmkarlarımız  bu nişanları dəyişirlər. Amma deputat nişanı bir olmalıdır. Hamıya ümumi verilibsə, eyni qaydada da daşınmalıdır. Heç kəs bunu bəyənmədiyini sübut etməyə çalışmasın. Çünki mən seçki prosesində iştirak etmişəm  və bilirəm ki, bu insanlar hansı çətinliklərlə seçki prosesində iştirak ediblər. İndi bir döş nişanı ilə bağlı burada müzakirə aparmağa ehtiyac yoxdur.  Azərbaycan bayrağını, onun simvolunu daşıyan hər bir insan fəxarət hissi keçirməlidir.  Azərbaycanda 9 milyonun içərisindən 125 nəfər Milli Məclisə üzv seçilir. Bunun özü böyük bir şərəfdir, bu şərəfə görə hamı göydə Allaha, yerdə Prezidentə, ölkəmizə, seçicilərimizə dua etməlidir ki, onlar bizi seçiblər. Ona görə də hesab edirəm ki, bu məsələni qaldırmaq  yersizdir. Yəni deputatın döş nişanına xüsusi münasibət bildirməyiniz, onun qızıldan, gümüşdən olmamasında qəbahət görməyiniz doğru deyil. Onun dəyəri insandadır, seçicidədir, millət vəkilindədir ki, sənə etimad göstəriblər, seçiblər, vəssalam.
Medallarla bağlı bir məsələni xüsusi qeyd etmək istəyirəm. Dünyada müxtəlif növ medallar var. Onların hamısı bir-birinə uyğundur. İstər Fransanın, istər Rusiyanın, istərsə də digər ölkələrin medallarında, çar dövründən bu yana medallarda, ordenlərdə oxşarlıq da var, fərqlilik də. Yəni bu olmalıdır. Keçmişdə “Qızıl ulduz” verilirdi. İndi Azərbaycanda da var, çar Rusiyasında da, sovet dönəmində də olub, Fransada da var. Yəni bu ordenlərdə dəyişkənlik yoxdur. Onlar müxtəlif formada hazırlansa da, hər birində oxşarlıq var.
İkinci, burada medalın müstəqilliyin 20 illiyinə həsr edilməsi ilə bağlı fikir qeyd edildi. Hər bir ilin özünün bir müddəti var. Məsələn,  İkinci dünya müharibəsindən sonra hər on ildən bir yubiley medalı verirdilər, sovet qoşunları Əfqanıstandan çıxarılandan sonra hər 10 ildən bir  yubiley medalı verirdilər. Onda demirdilər ki, hadisə filan vaxt olub. Yubiley medalı dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilib. Bu, qanunauyğun və tamamilə yerində olan bir məsələdir. Azərbaycanın simvolları da həmin medalda öz əksini tapıb. Biz bunu qəbul etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Mən hesab edirəm, bu məsələni çox müzakirə etdik. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 12-ci maddələrinə Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının 2003-cü il 30 dekabr tarixli 570-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Avropa Konvensiyasına qoşulduq. Qoşularkən bir neçə qeyd-şərtimiz və bəyanatlarımız var idi. Bəyanatlar həmişə olduğu kimi, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan Respublikası tərəfindən işğal olunması ilə bağlı idi. Bunun müəyyən siyasi mənası var. Biz bir daha dünya ictimaiyyətinə nümayiş etdirdik ki, torpaqlarımızın bir hissəsi işğal olunub və işğal olunmuş ərazidə Konvensiyanın icrasına təminat verə bilmirik. Burada məqsədimiz daha çox bu məsələni, işğal faktını qabartmaq idi.
Biz, eyni zamanda, qeyd-şərtlər də etmişdik. Qeyd-şərtlər Sizin dediyiniz maddələrlə bağlı idi. “Xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması”, “Xarici dövlətlərin seçkili orqanlarının üzvlərinin rüşvətlə ələ alınması”, “Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması” və “Nüfuz alveri” adlı  maddələrlə bağlı bizim qeyd-şərtlərimiz var idi. Qeyd-şərtlərin mənası ondan ibarət idi ki, Azərbaycan tərəfi Konvensiyanın bu maddələrinin cinayət hüquqpozması kimi təsnif edilməsi hüququnu özündə saxlayır. Yəni belə hərəkətləri nə zaman kriminallaşdıracağı Azərbaycan tərəfinin hüququdur.
Məlumat üçün deyim ki, biz 2001-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “vəzifə səlahiyyətlərindən sui-istifadə” adlı 308-ci maddəsinə əlavələr etdik. 308-ci maddənin qeyd-şərt hissəsindəki 6-cı bəndə əsasən xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri də  artıq vəzifəli şəxs hesab olundular. Beləliklə, biz milli qanunvericilikdə təxminən bir il əvvəl –  keçən il bu məsələni kriminallaşdırdıq. Bu gün faktik olaraq  Konvensiyanın həmin qeyd-şərtinin artıq əhəmiyyəti qalmamışdır. Ona görə də cənab Prezident tərəfindən təklif edilib ki, Konvensiya qeyd-şərtsiz bir daha təsdiq edilsin. Qeyd etmək istəyirəm ki, Konvensiyanın bu müddəası milli qanunvericilikdə öz əksini tapıb, biz, sadəcə, bu Konvensiyaya bir daha səs verməliyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  93
Nəticə: Qəbul edildi
           
Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. “Dövlət qulluğu haqqında” Qanuna təklif edilən bu dəyişikliklər texniki xarakterlidir, amma əhəmiyyətlidir. Məsələ burasındadır ki, bir sıra hüquq mühafizə,     o cümlədən prokurorluq orqanlarında, hərbi prokurorluq aparatında çalışan mülki şəxslərin fəaliyyəti “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmir. Yəni onlar prosessual şəxslər hesab edilmədikləri üçün onların fəaliyyəti “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir. Məhz buna görə də “Dövlət qulluğu haqqında” Qanuna bu əlavələr və dəyişikliklər təklif edilir. Beləliklə, “Dövlət qulluğu haqqında” Qanunda onların da təsnifatı verilmiş olur. Sizə təqdim olunmuş arayışda təsnifat dəqiq verilib. Layihəyə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Buyurun, Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
“Əmək pensiyaları haqqında” Qanunun bir neçə maddəsinə bir məsələ ilə bağlı dəyişiklik edilir. Bunlar 9-cu, 20-ci maddələrdir, 20-ci maddənin  1.18, 1.19, 1.20, 1.21-ci bəndləri, 20-ci maddənin 26-cı maddə ilə bağlı bəndləri, 26-cı, 29-cu, 37-ci maddələrdir. Bu dəyişikliklər nədən ibarətdir? Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər  içərisində fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır. Demək olar ki, bütün bu hüquqlar fövqəladə hallar sistemində çalışan əməkdaşlara da şamil edilir.
İkinci məsələ qulluq stajına görə əmək pensiyasına əlavələr haqqındadır. Burada da həmin qrup insanlar nəzərdə tutulur. Başqa  bir məsələ qulluq stajına görə əmək pensiyalarına əlavələrlə bağlıdır. Burada da yenə Fövqəladə Hallar Nazirliyi sistemində çalışan şəxslər nəzərdə tutulur.
Eyni zamanda, 26-cı maddə qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması məsələsi ilə bağlıdır. “Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi”, bir də “Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları” adlanan maddələrdə olan dəyişikliklər edilir. Bunların hamısında Fövqəladə Hallar Nazirliyi sistemində çalışan şəxslərin bu və ya digər qrupu nəzərə alınıb. Bu,  əslində, dövlət qulluğunun digər sahələrində, hərbi və prokurorluq sistemində işləyən şəxslərə şamil edilən məsələlərdir. Eyni zamanda, Fövqəladə Hallar Nazirliyi sistemində çalışan əməkdaşlara da şamil edilir. Bu, böyük bir qrup insanın sosial müdafiəsinin güclənməsinə yönələn addımdır.
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa Fövqəladə Hallar Nazirliyi əməkdaşları ilə bağlı edilən bir sıra dəyişiklikləri müsbət dəyərləndirir və dəstəkləyirəm. Belə çətin, məsuliyyətli, stress və risklə dolu bir işdə çalışan insanlar üçün, əlbəttə, güzəştli əmək pensiyası nəzərdə tutulmalıdır.  Düşünürəm ki, bu, dövlət və cəmiyyət tərəfindən  həmin peşə sahiblərinə verilən yüksək dəyərin göstəricisidir. Belə mərd, nəcib, gördükləri işin hər anında ölümlə mübarizə aparan, öz həyatlarını təhlükəyə ataraq onlarla, yüzlərlə insanı xilas edən insanların əməyi qiymətləndirilməlidir.
Yeri gəlmişkən, bu strukturda çalışan əməkdaşların vəzifə maaşlarının  artırılmasına da ehtiyac duyulur. Bu sözləri kiməsə xoş gəlmək, kimisə tərifləmək üçün yox, reallığı əks etdirdiyinə görə burada səsləndirmək istərdim. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ən gənc nazirliklərdən biridir. Qısa zaman ərzində yaradılmasına baxmayaraq, çox məhsuldar və şərəfli yol qət etmişdir.
Artıq Fövqəladə Hallar Nazirliyi dövlətin ən strateji və operativ orqanlarından birinə çevrilib. Nazirliyin bütün qurumları bir-biri ilə əlaqələndirilmiş şəkildə işləməyə, baş verən hər hansı bir hadisəyə dərhal reaksiya verməyə və yerində müdaxilə etməyə qadirdir. Bunun əyani sübutu odur ki, Sabirabad və Saatlı rayonlarında daşqınlar zamanı hadisəyə operativ müdaxilə nəticəsində insan itkisi ilə üzləşmədik. Bənzər hadisə  bu il də şimal-qərb rayonlarımızda təkrarlanıb. Yenə də insan itkisi olmayıb. Halbuki Rusiya kimi nəhəng bir dövlətdə Krımsk şəhərində baş verən daşqın zamanı bir neçə yüz insan həlak olmuş, xeyli sayda insan itkin düşmüşdür. Həmçinin televiziya ekranlarında görürük ki, Amerika, Avropa, Yaponiyada baş verən təbii fəlakət və sel daşqınları nəticəsində yüzlərlə, hətta minlərlə insan tələf olur. Şükürlər olsun ki, Azərbaycanın müxtəlif rayonlarında baş verən təbii fəlakətlər nəticəsində hələ insan itkisi ilə qarşılaşmamışıq. Hesab edirəm ki, bu,  Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının ən böyük uğuru və nailiyyətidir.
Eyni zamanda, bu yaxınlarda Heydər Əliyev Mərkəzində baş verən məlum yanğın hadisəsi, bir neçə gün əvvəl Sumqayıtdakı zavodda baş verən partlayışlar zamanı da Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yüksək peşəkarlıqlarının və beynəlxalq standartlara cavab verən maddi-texniki təchizat səviyyəsinin şahidi olduq.
Yuxarıda qeyd olunan bütün məsələlər  düzgün qurulan işin və sərf olunan böyük əməyin məntiqi nəticəsidir. Bütün qeyd etdiklərimi nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi ilə əlaqədar bu qanuna və müzakirəyə çıxarılan digər qanunlara edilən bir sıra dəyişiklik və əlavələri yüksək qiymətləndirir, onları çox aktual, lazımlı hesab edir və deputat həmkarlarımı da həmin dəyişikliklərə səs verməyə çağırıram.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.49 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı buyursun Nizami Cəfərov.
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Sağ olun, Oqtay müəllim. “Milli arxiv fondu haqqında”  Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi “Dövlət arxiv fondunun xüsusi hissəsi” adlanır. Bu maddənin son abzasında qeyd edilir: “Azərbaycan Respublikasının milli təhlükəsizlik, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir”. Bu hissəyə “fövqəladə hallar” sözləri də əlavə olunur. Dəyişiklik bundan ibarətdir və cənab Prezidentin təqdimatı ilə təklif edilir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun.  Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ilə əlaqədar, Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, qeyd etməliyəm ki, bu layihə, yəni “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər və bundan sonrakı digər məsələlər fövqəladə hallar orqanlarına  hüquq mühafizə  orqanları statusunun verilməsi ilə bağlıdır.
Cənab Sədr, 8, 9, 10, 11 və 12-ci məsələlər prokurorluq, ədliyyə, gömrük,  miqrasiya orqanları və digər hüquq mühafizə orqanlarında qulluq keçmə ilə bağlı təqdim edilən dəyişikliklərdir. Bu dəyişikliklərin yeganə mahiyyəti Fövqəladə Hallar Nazirliyi orqanlarına hüquq mühafizə orqanları statusunun verilməsidir. Bu isə o deməkdir ki, işçilər adı çəkilən orqanlardan – prokurorluq, ədliyyə, gömrük, miqrasiya orqanlarından fövqəladə hallar orqanlarına işə keçirilərkən onların əvvəlki xidmət illəri –  stajları  saxlanır. Yəni bu beş layihədəki dəyişikliklərin mahiyyəti bundan ibarətdir. Hadi müəllim də məruzəsində bildirmişdi, bunların hamısı bütövlükdə fövqəladə hallar orqanlarının əməkdaşlarının sosial statusunun daha da möhkəmləndirilməsinə xidmət edir. Dəyişikliklərin zərurəti barədə həmkarlarım artıq qeyd etdilər. Ona görə də, cənab Sədr, icazə versəniz, eyni məqsəd daşıyan bu beş layihəni səsə qoyardıq.
Sədrlik edən. Məncə, buradakı dəyişikliklərin mahiyyəti aydındır. Buyurun, Siyavuş Novruzov.
S.Novruzov. Oqtay müəllim, keçmişdə  belə idi ki, hərbi rütbə ən ali hesab edilirdi, digər rütbələr isə ona uyğunlaşdırılırdı. Məsələn,  polis kapitanı  hərbi sistemə keçirdisə, onun rütbəsi bir az aşağı olurdu. Amma hərbidən polis orqanlarına keçirdisə, bir rütbə yuxarı verirdilər. Məsələn, kapitan avtomatik mayor rütbəsi alırdı. Qanunvericilikdə bu, nəzərdə tutulubmu? Yəni keçmiş qanunvericilikdə hərbi rütbə bütün rütbələrdən  üstün idi.
Sadalanan 5 strukturun hər birində müxtəlif rütbələr var. Bu orqanların hamısına, – istər gömrük, istər vergi, istərsə də digərləri, o cümlədən  hərbi orqan olsun, – hüquq mühafizə orqanı statusu verilib. Öyrənmək istərdim ki, qanunvericilikdə bu hal nəzərdə tutulub, ya yox? Sağ olun.
Sədrlik edən.  Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Siyavuş müəllim, maraqlı suala görə təşəkkür edirəm. Həqiqətən də, sovet hökuməti dövründə Siyavuş müəllimin dediyi məsələlər qanunla tənzimlənirdi. Əlbəttə, bunun səbəbi var idi. Ümumiyyətlə, hərbiçilərə xüsusi önəm verilirdi.
İndi isə vəziyyət fərqlidir. Ona görə ki, bizdə hüquq mühafizə orqanlarının hər birinin fəaliyyətini tənzimləyən qanun var. Əgər  qeyd edildiyi kimi, orqanın hüquq mühafizə orqanı statusu varsa, onda, əlbəttə, rütbə eyniləşdirilir. Siz deyən məsələ isə bir halda qorunub saxlanılıb.  Misal üçün, polis orqanlarının, Fövqəladə Hallar Nazirliyinin nəzdində  hərbiləşdirilmiş strukturlar var. Ona görə də şəxs bunların birindən digərinə işə keçərsə,  onun həm xidməti illəri, həm də hərbi rütbəsi saxlanılır. Bu qayda həmin strukturun tərkibindəki hərbiləşdirilmiş sistemdə çalışanlara aiddir.  Daxili İşlər Nazirliyində daxili qoşunlar, Fövqəladə Hallar Nazirliyinin də öz qoşunları var. Digər orqanlarda isə yoxdur. 
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 8-ci məsələsinə –  “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.55 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  93
Nəticə: Qəbul edildi
                                  
Çox sağ olun, qəbul edildi.
Növbəti 9-cu məsələ “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.56 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  90
Nəticə: Qəbul edildi


Çox sağ olun, qəbul edildi.
10-cu məsələ “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqındadır. Xahiş edirəm, münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Bu qəbildən olan sonuncu – 11-ci məsələ “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi ilə bağlıdır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Cənab Sədr, 12-ci məsələ də məruzə etdiyim digər məsələlərə tam uyğundur. Burada da söhbət xidməti illərin  saxlanılması ilə bağlıdır. Məhkəmə və hüquq mühafizə orqanı işçilərinin sosial müdafiəsindən söhbət gedir. Ona görə də təklif etmişdim ki, 12-ci məsələ də daxil olmaqla səsə qoyulsun.
Sədrlik edən.  Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.58 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli. Çox sağ olun. “Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikası Qanununda pensiyanın baza hissəsinə əlavələrlə bağlı  dəyişikliklər edilibdir. Əmək pensiyasının baza hissəsinə, bir qrup  pensiyaçının hesablanan pensiyasına əlavələr edilir.
Bu layihədə Böyük Vətən müharibəsinin iştirakçıları və əlilləri ilə də bağlı dəyişiklik edilibdir. Dəyişiklik həm stilistik, həm də məna baxımından çox böyük əhəmiyyət kəsb edir. 19-cu maddənin mövcud variantında belə yazılır: “...müharibə iştirakçılarına (müharibə əlilləri istisna olmaqla)” yəni onlar ayrılırdı, sonra isə III qrup müharibə əlilləri nəzərdə tutulurdu. Təklif edilən  variantda isə yazılır: “III qrup əlillərə  və əlil olmayan müharibə iştirakçılarına – yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində” əlavə verilir. Bu da çox önəmli, böyük bir rəqəmdir. Əvvəlki variantda isə 50 faiz nəzərdə tutulurdu. Düşünürəm ki, bu dəyişiklik müharibə iştirakçılarının və III qrup əlillərin sosial müdafiəsində çox böyük rol oynayacaq. Bu qanun layihəsi möhtərəm Prezidentimizin əlillərə olan qayğısının növbəti təzahürüdür. Deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. 
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 17.00 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir  87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlıdır. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun.  Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər artıq bizim qanunvericiliyimizdə öz əksini tapıb və qüvvədədir.
Xatirinizdədirsə, Milli Məclisin yaz sessiyasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik etdik. Beləliklə, nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnu nəzərdə tutan etibarnamənin müddətini  1 ilə endirdik. Bunun da müəyyən əsasları var. Etibarnamələrdən sui-istifadə edilirdi. Nəqliyyat vasitəsinin verilməsinin  qanunda nəzərdə tutulmuş bir yolu var – alğı və satqı. Vətəndaşlar mütləq alğı-satqı etməlidirlər. Təəssüf ki, hazırda baş verən bir çox avtomobil qəzalarının araşdırılması zamanı hadisəni törətmiş, yol hərəkəti qaydasını pozmuş şəxsi tapmaq mümkün olmur. Çünki çox zaman avtomobillər etibarnamə ilə verilmiş olur. Ona görə də yaz sessiyasında bunu qəbul etdik. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununda da bu dəyişikliyi etməyə ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.02 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun,  Çingiz Əsədullayev.
Ç.Əsədullayev, Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri!  Təklif edilən dəyişikliklər texniki xarakter daşıyır. Ancaq 18-ci maddəyə “sürücülük vəsiqəsinin verilməsi” sözlərindən sonra “və ya dəyişdirilməsi” sözlərinin əlavə olunması təklif edilir. Bu məsələyə komitədə baxılıb və yekdilliklə qəbul olunub. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək. Artıq iki məsələ qalıb.

Səsvermənin nəticələri (saat 17.03 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyurun, Eldar Quliyev.
E.Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. Milli Məclisdə “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunu 1999-cu ildə qəbul edilib. Yəni artıq 13 il keçib və qanuna dəyişikliklər edilməsi zərurəti yaranıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qanuna dəyişikliklərin edilməsi barədə layihə təqdim olunub. Milli Məclisin Aqrar siyasət komitəsində bu qanun layihəsinə baxılıb.
Layihə ilə üç dəyişiklik nəzərdə tutulub. Birinci dəyişiklik qanunun “Heyvanlar aləmi obyektlərinin istifadəçilərinin vəzifələri” adlanan 24-cü maddəsi ilə bağlıdır. Bu maddəyə “vəhşi heyvanların, xüsusi icazə olmadan təbii mühitdən ayrılmaqla və ya digər qanunsuz yollarla əldə etməklə, yarımsərbəst və qeyri-sərbəst şəraitdə müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda, həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürüldükdən sonra onların reabilitasiyasına çəkilmiş xərcləri ödəmək” məzmununda bənd əlavə olunması təklif edilir.  Bunlar heyvanlar aləminin obyektlərindən qanunsuz yollarla istifadə edən şəxslərin məsuliyyətlərinin artırılması, onların bu yoldan uzaqlaşdırılması, öz növbəsində heyvanlar aləminin obyektlərinin qorunmasına yönəlmiş  tədbirlərdir və eyni zamanda, bioloji müxtəliflik  haqqında beynəlxalq konvensiyalar və sazişlərin tələblərinə uyğundur.
İkinci və üçüncü dəyişikliklər isə texniki xarakter daşıyır. Yəni qanunun 25-ci maddəsində “icazənin” sözü əvəzinə “xüsusi icazənin” sözləri, 53-cü maddədə isə “icazəsiz” sözünün əvəzinə “xüsusi icazə olmadan” sözləri əlavə edilir. Xahiş edirəm, həmin qanun layihəsinə müsbət münasibət bildirəsiniz.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Payız sessiyasının birinci iclasının sonuncu məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər hörmətli Eldar Quliyevin  “Heyvanlar aləmi haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı məruzəsinin məntiqi davamıdır.  Təklif edilir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində mövcud olan, “Zooloji kolleksiyaların yaradılması və onlarla ticarət qaydalarının pozulması” adlanan 128-ci maddədə nəzərdə tutulmuş sanksiyalar artırılsın. Belə ki, cərimənin fiziki şəxslər üçün 20 manat əvəzinə 500 manata, vəzifəli şəxslər üçün 60–85 manat əvəzinə 2000 manata, hüquqi şəxslər üçün isə 5000 manata qədər artırılması təklif edilir. Bir daha vurğulayıram ki, bu, əvvəlki layihənin məntiqi davamıdır. Hesab edirəm ki, layihəni qəbul etmək mümkündür. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Etibar Hüseynov.
E.Hüseynov. Oqtay müəllim, təşəkkür edirəm. Mən bir kəlmə demək istəyirəm. Oqtay müəllim, biz artıq ikinci ildir deputat olaraq birgə fəaliyyət göstəririk. Bu iki il ərzində mən istər məndən kiçik, istərsə də böyük olan bütün həmkarlarıma hörmətlə yanaşmışam və heç kəsin fikrinə, necə deyərlər, “vedrə bağlamamışam”. Baxmayaraq ki, jurnalistəm və yeri gələndə bunu bir çoxlarından yaxşı bacarıram. Amma təəssüflər olsun ki, mən çıxış edən zaman komitənin sədrinə müraciət etdiyim halda bir çox şəxslər komitə sədrinin əvəzinə mənə ağıl verməyə başlayırlar. Ona görə də bütün həmkarlarımdan xahiş, bəzi həmkarlarımdan isə tələb edirəm ki, bir-birimizə hörmətlə yanaşaq və fikirlərimizə bir qədər sakit tərzdə cavab verək. Təşəkkür edirəm.
Sədrlik edən. Mən sizin suallarınızın hamısını cavablandırdım. Amma hər kəsin öz fikri ola bilər. Bunları Milli Məclis səviyyəsinə çıxarmaq lazım deyil, söhbət əsnasında aydınlaşdırmaq lazımdır. Hesab edirəm, sözümüz bir-birimizin boğazından acı keçməməlidir. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli cənab Sədr. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində zooloji kolleksiyalarla bağlı edilən dəyişikliklərlə əlaqədar sual ünvanlamaq istəyirəm. Yeni dəyişikliklərə əsasən cərimələr kəskin surətdə 10, hətta 20 dəfə qaldırılıb. Biz yaz sessiyasında da bu cür sərt addımların şahidi olmuşduq. Həmin dəyişikliklər bəzi deputatların çıxış və sualları ilə müşayiət edilmişdi.
Başa düşürəm ki, Qırmızı Kitaba düşən nadir canlının məhv edilməsi yolverilməzdir. Ancaq onu da bilirik ki, respublikamızda zooloji kolleksiya o qədər də geniş yayılmış bir sahə deyil. Sualım belədir. Cərimənin bu qədər kəskin artırılması hansı zərurətdən irəli gəlir? Bunun məbləği bizim əhalinin həyat səviyyəsinə nə dərəcədə uyğundur?
Digər bir məsələni də unutmaq olmaz. Qanunsuz zooloji kolleksiya ilə mübarizədən daha çox milli qoruq və parklarımızda, həmçinin dəniz və göllərimizdə həyata keçirilən qanunsuz ovçuluqla mübarizə aparmaq lazımdır. Çünki bunun canlı təbiət aləminə vurduğu zərər daha çoxdur. Təsəvvür edin ki, Lənkəran–Masallı yolunda bir neçə dəfə müştərilərə  gözəlliyi ilə seçilən nadir flaminqo quşunun ətini təklif edən qanunsuz ovçularla qarşılaşmışam. Əlbəttə, belə hallara qarşı daha sərt addımlar atılmalıdır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz.
Sədrlik edən. Elmira xanım, öz sualınıza özünüz cavab verdiniz. Amma sualın əvvəlində dediniz ki, bizdə zooloji mühit çox zəifdir. Biz də bunu artırmaq istəyirik ki, zəif olmasın. Burada nə var ki? Cərimələr qaldırılandan sonra daha az qıracaqlar. Əli müəllim, buyurun, cavab verin.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Elmira xanım, Siz tamamilə haqlısınız. Son bir neçə il ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində sanksiyalarla bağlı dəfələrlə ciddi dəyişikliklər etmişik və edirik. Bəzən olub ki, sanksiyaları 10–20 dəfə artırmışıq.  İnzibati Xətalar Məcəlləsinin yeni dərc olunmuş variantına baxsanız, görərsiniz ki, artıq məcəllənin təxminən 80 faizində, o cümlədən ekologiya sahəsində sanksiyalar dəyişdirilib. Bunun da səbəbi var. Niyə belədir? Çünki inzibati qanunvericilikdə sanksiyaların artırılması yolunu seçmişik. Əks təqdirdə bu hallar cinayət qanunvericiliyi ilə tənzimlənməli idi. Yəni biz bütün sivil cəmiyyətlərdə mövcud olan sanksiyalar yolu ilə, daha doğrusu, iqtisadi sanksiyalar yolu ilə vətəndaşları, hüquqi şəxsləri, vəzifəli şəxsləri bu xətaları törətməkdən çəkindiririk.
Amma sualınızın ikinci hissəsi ilə, daha doğrusu, sualın o cür qoyulması ilə razı deyiləm. Bəli, cərimələr əhalinin həyat səviyyəsinə uyğun deyil. Əlbəttə, uyğun olmamalıdır. Onda cəriməni asanlıqla ödəyib yenə qanunları pozmağa davam edəcəklər. Burada qanunvericiliyin əsas məqsədi cərimələrin əhalinin ödəyə bilməyəcəyi, yəni onları çəkindirəcək səviyyədə müəyyənləşdirilməsidir. Məncə, bizim bu məntiqimiz kifayət qədər düzgündür.
O ki qaldı qanunsuz ovçuluqla bağlı tətbiq edilən sanksiyalara, qeyd edim ki, burada da sanksiyaları kifayət qədər artırmışıq. Tam məsuliyyətlə deyə bilərəm ki, qanunvericilik sahəsində sanksiyalarla bağlı problem yoxdur. Əgər problem varsa, bu onun icrası ilə bağlıdır. Buna isə müvafiq strukturlar cavabdehdir və hesab edirəm ki, onlar da gərək qanunu ciddi şəkildə həyata keçirsinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, axırıncı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir  87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Böyük fasilədən sonra iclasda belə dözümlülük göstərirsiniz, çox sağ olun. 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi